16.05.2014 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ
PROTOKOLU № 89
Milli Məclisin iclas salonu.
16 may 2014-cü il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 90
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 100
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Vüqar Gülməmmədov, Samir Şərifov, Qüdrət Həsənquliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Çingiz Qənizadə, Qənirə Paşayeva, Gövhər Baxşəliyeva, Adil Əliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.33 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
4. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
5. “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq ev-lərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Çingiz Qənizadə, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
7. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
16 may 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, yerlərinizi tutasınız. Mən təklif edirəm ki, iclasa başlamazdan öncə Türkiyənin Manisa vilayətinin Soma şəhəri ərazisindəki kömür mədənində baş vermiş qəzada həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)Allah rəhmət eləsin.
İndi, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 90
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi.
Bu gün iclasımızın gündəliyindən kənar müzakirələr keçirilməyəcək, çünki 2013-cü il dövlət büdcəsinin icrası haqqında məsələni müzakirə etməliyik. Söz verilir Ziyad Səmədzadəyə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi dövlət başçısı cənab İlham Əliyev tərəfindən vaxtında Milli Məclisə təqdim edilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq layihəyə icra ilə əlaqədar digər informasiya materialları, Hesablama Palatasının rəyi əlavə olunmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsində qanun layihəsinin ətraflı müzakirəsi aparılmışdır. Millət vəkillərinin, iqtisadi inkişaf, maliyyə və vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və digər iqtisadi strukturların nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə çox dəyərli təkliflər verilmiş, konkret fikirlər söylənmişdir. Layihə Azərbaycanda aparılan uğurlu islahatların məntiqi nəticəsi kimi qiymətləndirilmiş və birmənalı şəkildə vurğulanmışdır ki, Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası bütün müvafiq tələblərə cavab verir.
Xatırlayırsınızsa, biz 2013-cü ilin dövlət büdcəsinin layihəsini hazırlayarkən dövlət büdcəsinin həcmi, strukturu, əsaslı xərclər, cari xərclər və digər əsas göstəricilər barədə konkret təkliflər verilmişdi. Bu təkliflər dövlət büdcəsi layihəsində, əsasən, nəzərə alınmış və layihə cənab Prezident tərəfindən imzalanmışdır.
Mən maliyyə naziri hörmətli Samir müəllimin və Hesablama Palatasının sədri hörmətli Vüqar müəllimin də burada çıxış edəcəklərini nəzərə alaraq ancaq əsas məsələləri sizin nəzərinizə çatdırmaq istərdim. Ümumiyyətlə, 2013-cü il dövlət büdcəsinin icrası ilə bağlı materialları hazırlayarkən həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası dünyada baş verən qlobal proseslər fonunda Azərbaycanın makroiqtisadi göstəricilərini, son 10 ildə ölkəmizin sosial-iqtisadi həyatında iz qoyan dəyişiklikləri, 2013-cü il büdcəsinin və iqtisadi inkişafın əsas parametrlərini təhlil etmişlər.
Mən məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Hesablama Palatasının hazırladığı materiallar ildən-ilə özünün kamilliyi, professionallığı, bütövlüyü və əhatə dairəsinin genişliyi ilə fərqlənir. Bu da millət vəkillərində, eləcə də cəmiyyətdə Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət barədə ümumi fikrin, konsensusun formalaşması üçün böyük əhəmiyyət kəsb edir.
Məlumdur ki, son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə artıb. Bu, qloballaşan dünyada baş verən proseslər fonunda ən yüksək artım sayılır. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artıq 150 milyardı ötüb. Son 5 il ərzində ölkə iqtisadiyyatına 80 milyarddan çox investisiya qoyulmuşdur.
Dövlət büdcəsinin inkişafını, parametrlərini xarakterizə edən bütün göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərir. Dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması, sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi ölkədə aparılan düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Mən millət vəkillərinə möhtərəm Prezidentimizin Milli Məclisdə andiçmə mərasimində dediyi aşağıdakı fikirləri xatırlatmaq istərdim: “Son illərin təcrübəsi eyni zamanda müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.
2013-cü ilin rəqəmləri deyilənləri bir daha təsdiq edir. 2013-cü ildə Azərbaycan dövlətinin ümumi daxili məhsulu 73 milyard dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 48,8 milyard dollar idi. Hazırda adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,8 min dollardır. 2008-ci ildə isə bu rəqəm 3,8 min dollar təşkil etmişdir. Adambaşına düşən ümumi daxili məhsulun artımına görə ölkəmiz MDB ölkələri arasında Rusiya Federasiyası və Qazaxıstanla birlikdə ilk sıralarda yer tutur.
Dövlət büdcəsinin həcmi ilk dəfə olaraq 25 milyard dolları ötür. 2008-ci ildə bizim büdcəmiz 13 milyard, 2003-cü ildə isə 1,3 milyard dollar idi. Ümumi daxili məhsulun bölüşdürülməsində dövlət büdcəsinin payı 33,8 faiz təşkil etmişdir ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən birini təşkil edir. Makroiqtisadi göstəriciləri xarakterizə edən rəqəmlər millət vəkillərinə ətraflı verildiyi üçün mən onlar üzərində çox dayanmaq istəmirəm. 2013-cü ildə əldə olunmuş nəticələr dünyanın nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilmişdir.
2013-cü ilin dövlət büdcəsinin icrası göstərir ki, Azərbaycanda artıq gündən-günə möhkəmlənən sabit maliyyə bazası vardır. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə Azərbaycan iqtisadiyyatının maliyyə bazası möhkəmlənir. Bunu ölkənin həm valyuta ehtiyatları, həm də dövlət büdcəsindən iqtisadi və sosial inkişafa ayrılan vəsaitlərin həcmi göstərir.
Dövlət büdcəsi gəlirlərinin formalaşması ölkənin maliyyə siyasətinin fundamental məsələlərindən biridir. İqtisadi inkişafımızın dinamik artması dövlət büdcəsi gəlirlərinin də stabil yerinə yetirilməsini təmin etmişdir. Bu da bilirsiniz ki, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə və digər mənbələr hesabına formalaşır.
Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyi xətti ilə 2013-cü ildə vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkisi 81,8 faiz təşkil etmişdir. Vergilər Nazirliyi xətti ilə qeyri-neft-qaz sektoru üzrə proqnoz tamamilə icra edilmiş, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun 10 faiz artımı fonunda qeyri-neft gəlirləri 14,5 faiz artmışdır. Bununla da qeyri-neft-qaz sektorundan gələn gəlirlər ümumi gəlirlərin 56,5 faizini təşkil etmiş, dövlət büdcəsinin qeyri-neft gəlirlərində isə onun xüsusi çəkisi 71,8 faiz olmuşdur.
İcra dövrünün ən əlamətdar cəhətlərindən biri ondan ibarətdir ki, bütövlükdə Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlərin şəffaflığı, bu sahədə elektron-audit xidmətinin göstərilməsi və Vergi Məcəlləsində edilən dəyişikliklər vergi mədəniyyətinin artmasına, vergi gəlirləri üzrə proqnozun vaxtında yerinə yetirilməsinə səbəb olmuşdur. Dövlət Gömrük Komitəsi xətti ilə də nəzərdə tutulmuş proqnozlar, – bu barədə Samir müəllim, yəqin, daha ətraflı məlumat verəcək, – yerinə yetirilmişdir.
Əvvəllər millət vəkilləri dəfələrlə vurğulayırdılar ki, Azərbaycanın dövlət büdcəsinə olan borclarda müsbət meyillər özünü göstərmir. Amma son bir neçə ilin, o cümlədən 2013-cü ilin nəticələri göstərir ki, dövlət büdcəsinə olan borcların ödənilməsində də müsbət meyillər var və bu borclar keçən illə müqayisədə 9 faiz azalmışdır.
2013-cü ildə əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə qeyri-qanuni cəlb edilmiş 7215 şəxslə əmək müqaviləsinin bağlanması təmin olunmuşdur. Ümumiyyətlə, bu proses gedir. Bilirsiniz ki, gizli iqtisadiyyat, kölgə iqtisadiyyatı dünyanın bir çox ölkələrində var. Azərbaycanda da bu sahədə görülən tədbirlər, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə edilən dəyişikliklər artıq imkan verəcək ki, ölkəmizdə müqaviləsiz işləyən insanların sayı ildən-ilə azalsın. Bu həm büdcə gəlirlərinin artmasına, həm də bu insanların gələcəkdə sosial təminatının inkişafına böyük təsir göstərəcəkdir.
2013-cü ilin dövlət büdcəsinin icrasında prinsipial cəhətlərdən biri ondan ibarətdir ki, dövlət büdcəsinin formalaşmasında regionların xüsusi çəkisi artır. Regionların sosial-iqtisadi inkişaf proqramları üzrə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi, yerlərdə sahibkarlıq mühitinin formalaşması, yeni müəssisələrin işə salınması nəticəsində yerli gəlirlər üzrə proqnozlar yerinə yetirilmişdir. Şübhəsiz ki, 2014–2018-ci illərdə də belə bir proqramın həyata keçirilməsi öz müsbət təsirini göstərəcəkdir.
Demək olar ki, bütün rayonların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamları olmuşdur. Cənab Prezidentin regionlara çoxsaylı səfərləri nəticəsində yerlərdə görülən işlər təhlil edilir və ondan sonra orada ən zəruri məsələlərin həlli üçün Prezidentin sərəncamı ilə Ehtiyat Fondundan pullar ayrılır. Onu da deyim ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunda nəzərdə tutulmuş vəsait tamamilə icra olunmuşdur. Bu icranın arxasında regionlarda həyata keçirilən çox böyük infrastruktur layihələri, çox mühüm turizm mərkəzlərinin, yolların tikilməsi, körpülərin salınması və sair böyük işlər durur.
2013-cü il dövlət büdcəsinin icrasından danışarkən xərclərin strukturunda baş verən dəyişiklikləri mən xüsusilə qeyd etmək istərdim. Cari xərclərin artım sürəti ümumi daxili məhsulun artım sürətindən geri qalır. Bu çox müsbət haldır. Biz gələcəkdə gərək əsaslı xərclərlə cari xərclər arasında nisbəti təkmilləşdirək. İri layihələr həyata keçirildikdən sonra, şübhəsiz ki, bu nisbətdə çox böyük dəyişikliklər əmələ gələcək.
Məktəblərin və səhiyyə ocaqlarının təmiri başa çatdırıldıqdan sonra qalan vəsaitlər, əsasən, real sektorun inkişafına yönəldiləcək. Biz gərək real sektora dəstəyi artıraq. Real sektorun strukturu təkmilləşsin, yerlərdə Bakı və Sumqayıtın sənaye müəssisələrinin filialları artsın, emal müəssisələrində emalın səviyyəsi yüksəlsin, soyuducuların tikilməsi prosesi sürətlənsin ki, biz real sektordan alınan gəlirlər hesabına yeni, əhəmiyyətli iş yerlərinin yaradılmasına nail olaq.
Maliyyə Nazirliyinin və Hesablama Palatasının təqdim etdiyi materiallarda Azərbaycan Respublikasında İqtisadiyyat və Sənaye Nazirliyinin, Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, neft-kimya kompleksinin tikilməsi, aqrar sektora dəstək, sahibkarlığın inkişaf imkanları ilə əlaqədar kifayət qədər informasiyalar vardır. Adam inana bilmir ki, 10–15 il bundan qabaq bu tədbirlərin heç biri həyata keçirilmirdi.
Təbii ki, xərclər və vəsaitlər olan yerdə həmişə problemlər olur. İqtisadçı kimi mənim arzum ondan ibarətdir ki, biz əsaslı xərclərlə cari xərclər arasında nisbəti təkmilləşdirək, satınalmalarda məsuliyyəti daha da artıraq. Elə bilirəm, bir faktı millət vəkillərinin diqqətinə çatdırmaq yerinə düşər ki, satınalmalar üzrə 114 milyon manat vəsaitə qənaət edilib.
Maliyyə Nazirliyinin, Hesablama Palatasının apardığı yoxlamalar göstərir ki, biz şəffaflıq istiqamətində də çox böyük işlər görürük. O faktları deməyə ehtiyac yoxdur. İldən-ilə büdcənin şəffaflığı artır, cəlb olunmuş vəsaitlərdən səmərəli istifadə olunmaqla böyük işlər görülür. Sovet vaxtında əsas fondlardan istifadə əmsalı, fond verimi əmsalı, bir manat kapital qoyuluşundan əldə edilən məhsul hesablanırdı. Bu gün Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklər əsas verir ki, biz artıq bu göstəricilərdən istifadə edək. Biz dövlət büdcəsində əsaslı vəsaitlərə 1 faiz qənaət etsək, 70 milyon manat əlavə vəsait əldə edərik. Dövlət büdcəsinin həcmini genişləndirmədən, Maliyyə Nazirliyinə yük artırmadan bu 70 milyon manat hesabına çox işlər görmək olar. Mən hesab edirəm ki, bu istiqamətdə də bizim müvafiq strukturlar böyük işlər görməlidirlər.
Dövlət büdcəsinin parametrlərini xarakterizə edən ən vacib göstəricilərdən biri borclanmadır. Biz əgər dünya inteqrasiyasına gediriksə, milli maraqlarımızı qorumaq şərti ilə ölkələrlə əməkdaşlıq ediriksə, təbii ki, bu əməkdaşlıqda kredit alma, kredit vermə məsələləri ön plana çəkilir. Qloballaşan dünyada heç bir dövlət qapalı şəkildə yaşaya bilməz. Heç bir dövlət borc almadan keçinə bilməz. Ancaq biz bu gün yalnız elə borclar alırıq ki, Azərbaycan o borclar hesabına innovasiyalı iqtisadiyyat qursun.
Bəziləri deyir, dinamika belədir ki, adambaşına düşən borcların miqdarı artmalıdır. Amma adambaşına düşən borc artırsa, ondan qabaq və ondan qat-qat çox ümumi daxili məhsul artmalıdır. Bizdə borclanmaya ayrılan xərclər ümumi daxili məhsulun tərkibində ildən-ilə azalmağa meyil edir. Bu, ən yüksək göstəricidir. Dünyada 200-ə yaxın dövlət borc alır. Onların arasında 5–6 ölkə var ki, ən az borclanmadadır. Srağagün Avropa Birliyi ölkələri üzrə məlumat verdilər. Bu ölkələr üzrə borclanmanın səviyyəsi ümumi daxili məhsula nisbətdə 95 faizdir. Azərbaycanda isə bu, 7–8 faiz arasındadır.
Gələcəkdə bu borc arta bilər. Maliyyə Nazirliyinin, Hesablama Palatasının bizə təqdim etdiyi rəqəmlər göstərir ki, güzəştli kredit dövrü qurtarıb. Güzəştli kredit dövrü qurtardıqca faizlər, borclara xidmətlə əlaqədar xərclər də artır. Amma bizim kifayət qədər daxili investisiya imkanlarımız var. Bizə gəlib burada restoran, xidmət bazası tikməyə ehtiyac yoxdur. Bizə ən müasir yeni iş yerlərinin açılması, yüksək əmək haqqı almağa imkan verən innovasiyalı iqtisadiyyatın qurulması lazımdır. Bu sahədə bizim imkanlarımız genişdir. Mən hesab edirəm ki, Maliyyə Nazirliyinin, Hesablama Palatasının rəylərində bu məsələlər öz əksini tapmışdır.
Xərclənmənin əsas bloklarından biri sosial blokdur. Dünya miqyasında özünü göstərən qlobal maliyyə böhranı şəraitində ölkəmizdə sosial bloka ayrılan xərclərin ildən-ilə artması bir daha göstərir ki, Azərbaycanda iqtisadi inkişafla sosial inkişaf arasında kifayət qədər qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Sosial göstəricilərin bütün parametrləri üzrə, – hörmətli Hadi müəllim, yəqin, çıxışında deyəcək, – dinamıka və müsbət meyillər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra ilə əlaqədar təqdim etdiyi hesabatda rəqəmlərə baxırsan, sevinirsən. Qısa zaman kəsiyində nə qədər insana yardım göstərilib, nə qədər insana maşın verilib, ehtiyac meyarı ilə əlaqədar olaraq nə qədər əhəmiyyətli işlər görülüb.
Bir neçə kəlmə büdcə kəsiri haqqında deyəcəyəm. Hörmətli Vahid müəllim 2013-cü il dövlət büdcəsinin bizim komitədə müzakirəsində dedi ki, biz defisit nə müəyyən edirik, profisit nə olur. Bilirsiniz, burada elə bir günah yoxdur. İl ərzində proseslər dəyişir. İl ərzində proseslərin dəyişməsi xərclərin yerinə yetirilməsində müəyyən gərginlik yaradır. Amma Vahid müəllim də mənim fikrimlə razıdır ki, bütövlükdə Azərbaycanın dövlət büdcəsi kəsirinin son 7–8 il ərzində bir-iki faiz çərçivəsində saxlanması çox mütərəqqi haldır. Baxın görün, dünya dağılır, Avropa ölkələri dağılır, yəni büdcə kəsirinin yüksəlməməsinin səbəblərindən biri ondan ibarətdir ki, dövlət başçısı populist çıxışlara getmir, hökumətin siyasətində optimal qərarların qəbul edilməsi üstün məna daşıyır.
Mən çıxışımın sonunda demək istərdim ki, hörmətli millət vəkilləri, yaranmış potensial 2015-ci il üçün böyük baza yaradıb. Biz komitədə hesablama apardıq, 3–4 ildən sonra Azərbaycanın ümumi daxili məhsulu 100 milyard dolları ötəcək. Əgər ümumi daxili məhsulun 32–33 faizinin büdcə olduğunu nəzərə alsaq, bizim büdcəmiz artıq 34–35 milyard dollara çatacaq. Bu, 10 milyonluq əhalisi olan bir ölkə üçün indiki səviyyədə çox yüksək bir rəqəmdir.
İki-üç ildən sonra bizim büdcə xərclərimiz adambaşına 3 min dolları ötüb keçəcək. Bu 3 min dolların arxasında ölkədə içməli su və kanalizasiya problemlərinin həlli, qazlaşdırmanın başa çatdırılması, əmək haqqının, pensiyaların artması və digər göstəricilər durur. Bunu mümkün edən isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin iqtisadi siyasətidir.
Mən hesab edirəm ki, biz 2013-cü il dövlət büdcəsinin icrasını müsbət qiymətləndirməliyik. Millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, çox ətraflı danışdınız. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov. Xahiş edirəm, çox qısa. Çünki böyük həcmdə gözəl rəy hazırlanıb və ona Milli Məclisin İqtisadi siyasət komitəsində baxmısınız. Bir az qısa və konkret.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və qonaqlar! 2013-cü ildə mövcud olan makroiqtisadi şəraitdə dövlət büdcəsinin icrası barədə hörmətli Ziyad müəllimin geniş məlumat verdiyini və iqtisadi göstəriciləri ətraflı təhlil etdiyini nəzərə alaraq Hesablama Palatasının icra ilə bağlı mövqeyi və rəyini qısa şəkildə diqqətinizə çatdırmaq istərdim.
İlk olaraq qeyd edim ki, Hesablama Palatası tərəfindən hazırlanan rəy dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı təhlilləri əhatə edir. Bu təhlillər büdcənin icrası üzrə müvafiq nazirliklərin hesabatları, statistik hesabatlar, büdcə istifadəçilərinin təqdim etdiyi maliyyə hesabatları, nüfuzlu beynəlxalq təşkilatların analitik tədqiqatları əsasında aparılmış, hər bir bölmə üzrə nəticə və tövsiyələr rəydə əks etdirilmişdir.
2013-cü il dünyanın bir çox ölkələrində fiskal siyasətin makroiqtisadi tarazlıqla uyğunlaşdırılmasının və bu fonda ortamüddətli dövrdə iqtisadi artımın, məşğulluğun təmin edilməsi cəhdləri ilə müşahidə olunmuşdur. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlərdə makrofiskal çərçivənin davamlı olaraq yenilənməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Ümumiləşdirərək deyə bilərik ki, 2013-cü il dünya ölkələri tərəfindən iqtisadi sistemin dirçəldilməsi məqsədini güdən müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə yanaşı, maliyyə bazarlarında müşahidə edilən tərəddüdlər və böhranın təsiri ilə proseslərin nəticələrinin proqnozlaşdırılmasında yaranan çətinliklərdən doğan risklərlə xarakterizə oluna bilər.
Qeyd edilən risklər və dünya ölkələrinin böhrandan sonrakı inkişaf templərinin arzulanan səviyyədən hələ də uzaq olması ilə xarakterizə olunan son dövrlərdə, xüsusən 2013-cü ildə Azərbaycanda iqtisadi inkişaf tempinin təmin edilməsinə nail olunmuş, mühüm layihələr və proqramlar uğurla icra edilmişdir.
Dünya ölkələrinin böhranın təsiri ilə və dəyişən makroiqtisadi şəraitdə yaranan risklərlə mübarizə apardığı 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə 5,8 faiz real iqtisadi artım tempinə nail olunmuş, adambaşına düşən ümumi daxili məhsulun təqribən 8 min dollara yaxın olması və qeyri-neft sektoru üzrə 10 faiz artım “Azərbaycan – 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində mühüm addımlar atıldığını göstərir və eyni zamanda, bu artımın neft sektoru üzrə artımı əhəmiyyətli dərəcədə üstələməsi konsepsiyada öz əksini tapan ümumi daxili məhsulun strukturunun təkmilləşməsi vəzifəsinin reallaşmasına xidmət etmiş olur.
Hesabat ilində ölkənin strateji valyuta ehtiyatlarının artımı davamlı xarakter daşımışdır. Bu ehtiyatların həcmi ümumi daxili məhsulun həcminin təqribən 70 faizini təşkil etmişdir və 5 illik idxalı əvəz etməyə imkan verir. Azərbaycan dünyada bu göstərici üzrə 20 ölkədən biri sayılır. Ümumiyyətlə, hesabat ilində tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyi təmin edilmişdir. Nəticə etibarilə inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olunmuş, ölkədə maliyyə vasitəçiliyi genişlənmiş və qlobal iqtisadiyyatdan daxil olan risklərin neytrallaşdırılması mümkün olmuşdur.
Hesabat ilində ölkəmizin iqtisadi aktivliyi və sabitliyin qorunub saxlanması dövlət büdcəsinin gəlir və xərc parametrlərinə müsbət təsir göstərmiş, onların əvvəlki ilə nisbətən artıq icra olunmasına münbit şərait yaratmışdır. Qeyd edildiyi kimi, 2013-cü ilin büdcə gəlir və xərclərinin ümumi daxili məhsulda faiz nisbəti Avropa üzrə orta göstəriciyə yaxın olmuşdur. Bu isə son illərdə daha populyar olan fiskal siyasətin rasionallaşması ilə iqtisadi inkişaf arasında mümkün balansın qorunması tədbirlərinin tərkib elementlərindən biri kimi qəbul edilir.
Dövlət büdcəsinin gəlir və xərc parametrlərinin ümumi daxili məhsula nisbətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması iqtisadiyyatın tənzimlənməsi proseslərinə dövlətin müdaxilə imkanlarının artırılması barədə beynəlxalq maliyyə institutlarının çağırışlarına uyğundur. 2013-cü ildə bu göstərici üzrə Azərbaycan MDB-də üstün mövqeyini qorumuşdur.
2013-cü ildə dövlət büdcəsinin gəlirləri 337,3 milyon manat və ya 1,8 faiz artıq icra olunmuş, əksər tədiyyə növləri üzrə proqnozların artıqlaması ilə yerinə yetirilməsi proqnoz göstəricilərin əsaslandırılmış qiymətləndirmələr əsasında aparıldığını bir daha təsdiq etmişdir.
Dövlət büdcəsinin gəlirlərində vergi və qeyri-vergi daxilolmaları üzrə icra səviyyələri müxtəlif olmuşdur. Belə ki, vergi daxilolmalarının icra səviyyəsi 77,8 faizlə 109,8 faiz, qeyri-vergi daxilolmaları üzrə icra səviyyəsi 58,1 faizlə 272,8 faiz arasında olmuşdur.
Vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə olan borcların həcmi 8,9 faiz azalmışdır. Bu borcun azalması iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən vergi ödəyiciləri üzrə müşahidə edilmişdir.
Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri əvvəlki illə müqayisədə təqribən 1,7 milyard manat və ya 9,9 faiz çox icra edilmişdir.
İl ərzində dövlət büdcəsinin köməkçi bölmələri arasında bəzi dəyişikliklər aparılmışdır. Köməkçi bölmələrdə aparılan dəyişikliklərin həcmi və aparılan dəyişikliklərin xarakteri onu deməyə əsas verir ki, funksional bölmə daxilində aparılan dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa tam müvafiqdir və zərurətdən irəli gəlmişdir.
Məlumdur ki, dövlət büdcəsinin xərcləri cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı olan xərclərdən ibarətdir. Hesabat ilində dövlət büdcəsi xərclərinin 48 faizi cari xərclərə yönəldilmişdir. Bu isə 2012-ci ildəkindən 0,9 faiz azdır. Makrofiskal çərçivənin mühüm prinsipi kimi cari xərclərin artım tempinin qeyri-neft sektorunun artım tempindən az olması son bir neçə ildə olduğu kimi, 2013-cü ildə də qorunmuşdur. Bu isə ölkəmizdə cari xərclərin qeyri-neft sektoru hesabına maliyyələşməsi imkanlarının böyük olduğunu göstərir.
Əsaslı xərclər dövlət büdcəsi xərclərinin 48,2 faizini təşkil etmişdir. Əsaslı xərclərin mühüm tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait sərf olunmuş və təqdim olunan məlumatlara görə bu vəsait hesabına 1165 layihə icra edilmişdir. Həmin vəsaitin 78,3 faizi daha əvvəl başlanmış layihələrin başa çatdırılmasına, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin təqribən 90,7 faizi isə proqram məqsədli investisiya layihələrinə yönəldilmişdir.
Dövlət borcuna və öhdəliklərə xidmətlə bağlı xərclərə 2013-cü ildə ümumi xərclərin 3,8 faizi həcmində vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 3,4 dəfə çoxdur. Bu maddə üzrə artım dövlət borcu üzrə öhdəliklərin tam və nəzərdə tutulmuş müddətdə icrasını təmin etmək məqsədi daşıyır.
2013-cü ildə beynəlxalq maliyyə-kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği təqribən 368,7 milyon manat olmuşdur. Bu isə təsdiq olunmuş limitin 49,2 faizini təşkil edir. Xüsusilə vurğulamaq lazımdır ki, bu göstərici hətta keçənilki göstəricidən də təqribən 7–8 faiz azdır. 2013-cü ildə xarici dövlət borcunun artım tempi dövlət büdcə xərclərinin artım tempindən iki dəfə az olmuşdur.
Xarici dövlət borcunun məbləği ümumi daxili məhsulun 8,2 faizi həcmindədir. Dünya Bankı tərəfindən hazırlanmış “Beynəlxalq borc statistikası – 2014” hesabatında xalis diskontlaşmış xarici borcun ixraca və xarici borca xidmətlə bağlı xərcin ixraca nisbətinə görə Azərbaycanın MDB dövlətləri arasında lider mövqeyində olması qeyd edilmişdir.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 691 milyon manat təsdiq edilmişdir. Lakin təqdim olunmuş məlumatlardan görünür ki, büdcə profisitlə icra olunmuş və onun məbləği 352,8 milyon manat təşkil etmişdir. Göründüyü kimi, 2013-cü ilin proqnoz göstəriciləri üzrə büdcə kəsiri dövlət büdcəsi gəlirlərinin 3,49 faizi və ümumi daxili məhsulun 1,2 faizi həcmində nəzərdə tutulduğu halda profisitlə icra olunaraq vahid xərcə hesablanmış qalığı da nəzərə alınmaqla 960,4 milyon manat təşkil etmişdir ki, bu da büdcə gəlirlərinin təqribən 5 faizi həcmindədir.
Bütün bu deyilənlərə əsasən hesab edirik ki, büdcə uğurla icra edilmişdir. Hesablama Palatasının kollegiyası tərəfindən təsdiq edilmiş rəy 2013-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin təsdiqi üçün Milli Məclisə təqdim edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Vüqar müəllim. İndi isə Azərbaycan Respublikasının maliyyə naziri hörmətli Samir Şərifova söz verilir. Samir müəllim, buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsi və bununla bağlı hazırlanmış 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabat Milli Məclisə təqdim olunmuşdur. Hesabat özündə gəlirlərin mədaxil mənbələri və funksional təsnifatın paraqrafları səviyyəsində xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcları, dövlət büdcəsinin profisiti, vahid xəzinə hesabının qalığı barədə məlumatları əks etdirir. Hesabat Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə edilərək bəyənilmiş və Milli Məclisin plenar iclasına təqdim olunmasına dair qərar qəbul edilmişdir.
Müzakirənizə təqdim olunmuş materiallarda 2013-cü il dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumat verilmişdir. Hesabat özü Maliyyə Nazirliyinin internet portalında yerləşdirilmişdir. Bunları nəzərə alaraq mən çıxışımda daha çox dövlət və icmal büdcələrin zəruri parametrləri üzərində dayanacağam. Onu da qeyd etmək lazımdır ki, məndən əvvəl çıxış edən natiqlər – Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri cənab Ziyad Səmədzadə və Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədov dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumatlar verib öz qiymətlərini səsləndirdilər.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi kurs 2013-cü ildə iqtisadiyyatımızın yeni inkişaf mərhələsinə keçidini şərtləndirmiş, makroiqtisadi dayanıqlığı təmin edərək Azərbaycan xalqının yaşayış səviyyəsinin, həyat keyfiyyətinin artırılması üçün şərait yaratmışdır. Ölkə iqtisadiyyatında şaxələnmə meyillərinin güclənməsi, özəl sektorun xüsusi çəkisinin artması, regionların inkişafının sürətlənməsi və sahibkarlığın inkişafına əlavə dəstək tədbirləri yürüdülən kursun müsbət nəticələrindəndir.
2013-cü il üzrə dövlət büdcəsi, zənnimizcə, uğurla icra olunmuşdur. İl ərzində ümumi daxili məhsulun real ifadədə 5,8 faizlik templə və ya 2012-ci ildəki ümumi daxil məhsulun artım tempindən 2,5 dəfə artıq templə artması, dünya iqtisadiyyatında güclənmiş borc böhranının artım meyillərinin beynəlxalq enerji bazarlarına müsbət təsirləri dövlət büdcəsinin icrası üçün münbit şərait yaratmışdır.
2013-cü ildə də dövlət və icmal büdcə göstəricilərinin artım dinamikası təmin edilməklə onların ölkənin iqtisadi potensialının gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. Belə ki, Azərbaycan Respublikasının 2013-cü il icmal büdcəsinin gəlirləri 23 milyard manat və yaxud proqnoza nisbətən 12 faiz, 2012-ci ildəkinə nisbətən 885 milyon manat və yaxud 4 faiz çox icra olunmuşdur. İcmal büdcənin xərcləri isə 22 milyard manat və yaxud 2012-ci ildəkinə nisbətən 2 milyard manat və yaxud 10,7 faiz çox icra olunmuşdur.
2013-cü ildə icmal büdcə 3,8 milyard manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 1 milyard manat profisit əldə olunmuşdur. Bunun da əsas səbəbi müsbət xarici ticarət konyunkturası olmuşdur. Yəni icmal büdcənin mədaxili nəzərdə tutulduğundan daha çox olmuşdur. Bu da, əsasən, il ərzində neft qiymətlərinin büdcədə proqnozlaşdırıldığı səviyyədən yuxarı olması ilə əlaqələndirilir.
Ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 496 milyon manat yerinə yetirilməklə proqnoza qarşı 101,8 faiz təşkil edərək 2012-ci ildəkinə nisbətən 2 milyard 215 milyon manat və yaxud 12,8 faiz çox icra olunmuşdur. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 33,8 faiz təşkil etmişdir ki, bu da 2012-ci ilin göstəricisindən 2,2 faiz çoxdur. Qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 604 milyon manat və yaxud 13 faizə yaxın artmışdır.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 104,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat, 2012-ci ildəkinə nisbətən isə 639 milyon manat və yaxud 10,6 faiz çox vəsait təmin etmişdir. Həmin vəsaitin 56,5 faizi və ya 3 milyard 764 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu da 2012-ci ildəkinə nisbətən 473 milyon manat və yaxud 14,4 faiz çox deməkdir.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl olunmaqla büdcəyə 1 milyard 383 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 175 milyon manat və yaxud 14,5 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulmuş məbləğdə vəsait, yəni 11 milyard 350 milyon manat məbləğində vəsait transfer edilmişdir. Sair daxilolmalar üzrə büdcəyə 99 milyon manat vəsait daxil olmuşdur.
2013-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,4 faiz, yəni 19 milyard 144 milyon manat həcmində icra olunmuşdur. Bu isə artıq burada qeyd olunduğu kimi, 2012-ci illə müqayisədə 1 milyard 777 milyon manat və yaxud 9,9 faiz çox icra deməkdir. Dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 33,2 faiz təşkil etmişdir ki, bu da 2012-ci ilin göstəricisindən 1,4 faiz çoxdur.
Hörmətli Ziyad müəllim öz çıxışında dövlət büdcəsinin xərcləri arasında nisbət məsələsinə xüsusi diqqət yetirdi. Burada qeyd olunduğu kimi, dövlət büdcəsi xərclərinin 48 faizi cari xərclərə, 48 faizi əsaslı xərclərə, – bu da son illər ərzində ən yüksək göstəricidir, – qalan hissəsi və yaxud 3,8 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, iqtisadi təsnifata uyğun olaraq 2013-cü ildə dövlət büdcəsi xərclərinin 25,6 faizi və yaxud 4 milyard 906 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə sərf edilmişdir. Bu isə 2012-ci illə müqayisədə 166 milyon manat və yaxud 3,5 faiz çox deməkdir.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz məqsədyönlü kursuna sadiq olaraq pensiya və müavinətlərin, əmək haqlarının artırılması ilə bağlı ötən il də müvafiq fərman və sərəncamlar imzalamışdır. Minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10–60 faiz çərçivəsində artımı təmin edilmişdir.
Büdcədən maliyyələşən elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində işləyənlərin, dövlət qulluqçularının, hərbi qurumlarda və hüquq mühafizə orqanlarında çalışan hərbi qulluqçuların və mülki işçilərin əmək haqları orta hesabla 10 faiz həcmində artırılmışdır.
Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır. Dövlət büdcəsi xərclərinin tərkibində həmin xərclərin xüsusi çəkisi 32,2 faiz təşkil etməklə 2012-ci ildəkinə nisbətən 9,4 faiz bənd artmışdır.
Hesabat ilində pensiya və müavinətlərin ödənişini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən 1 milyard 77 milyon manat vəsait transfer edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 33 milyon manat çox deməkdir. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı sosial yardımların ödənilməsinə 201,1 milyon manat vəsait sərf edilmişdir. Bu da 2012-ci illə müqayisədə 0,7 faiz çox deməkdir.
2013-cü ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin, onların sosial təminatlarının yaxşılaşdırılması üçün dövlət və neft fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir. Məcburi köçkünlərin ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri üzrə güzəştlərin tətbiqi üçün 96 milyon manat, – söhbət elektrik enerjisi, qaz, su və sairdən gedir, – vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır.
2013-cü ildə dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri, əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımlarının ödənişinə, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinə, əlillərin sanatoriya-kurort müalicəsinin təşkilinə, əlillərə eşitmə aparatlarının, protezləşdirmə məmulatlarının, əlil arabalarının, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və digər avadanlıqların alınmasına yönəldilmişdir.
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə əmanət qalıqları üzrə fərdi birdəfəlik ödənişlərin verilməsi prosesi hesabat ilində başa çatmışdır. Məcmu olaraq əmanətçilərə 2012–2013-cü illərdə 597,4 milyon manat vəsait ödənilmişdir. 2013-cü ilin dövlət büdcəsindən bu məqsədlə 324 milyon manat vəsait ayrılmış, onun 274 milyon manatı 2012-ci ildə dövlət zəmanəti ilə alınan borcların təminat fondundan həmin məqsədə istifadə edilmiş vəsaitin fonda bərpası üçün yönəldilmişdir.
Hesabat ilində sosial ipoteka üçün nəzərdə tutulmuş 40 milyon manat vəsait bütövlükdə ipoteka fonduna köçürülmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsı və hərbiçilərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ölkə Prezidentinin 2013-cü ildə qarşıya qoyduğu prioritet hədəflərdən olmuşdur. Bu məqsədlərə dövlət büdcəsinin faktiki xərclərinin 14,8 faizi həcmində vəsait yönəldilmişdir. 2013-cü ildə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davamı olaraq dövlət büdcəsindən ayrılan 32,5 milyon manat vəsait hesabına hərbi qulluqçulara müasir tələblərə cavab verən 250 mənzil təqdim olunmuşdur.
Ölkə iqtisadiyyatının neft sektorundan asılılığının mərhələlərlə azaldılması, tarazlı və davamlı inkişafının təmin olunması, müasir tələblərə uyğun infrastrukturların tikilməsi və mövcud olanların yenilənməsi və qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin icrası üçün 2013-cü il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 6 milyard 914 milyon manat vəsait yönəldilmişdir.
Həmin mənbədən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 970 milyon manat, – söhbət elm, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərindən gedir, – o cümlədən elmə 51 milyon manat, təhsil müəssisələrinə 785 milyon manat, səhiyyə müəssisələrinə 293 milyon manat, mədəniyyət və turizm obyektlərinə 416 milyon manat, idman obyektlərinə 346 milyon manat, sosial müdafiə və sosial təminat obyektlərinə 79 milyon manat vəsait yönəldilmişdir.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı, meliorasiya, kənd təsərrüfati, sosial və digər infrastrukturların yenidən qurulması, tikintisi üçün xaricdən cəlb edilmiş kreditlər hesabına 835 milyon manat məbləğində vəsait istifadə edilmişdir.
Dövlət Neft Fondundan ölkəmizdə və xaricdə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 905 milyon manat vəsait yönəldilmişdir. Bu vəsait, əsasən, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşdırma məsələləri ilə bağlı tədbirlərin, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin, Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin, eyni zamanda, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramının və Dövlət Neft Şirkətinin bir sıra investisiya layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə xərclənmişdir.
Hesabat ilində dövlət büdcəsinin cari xərclərindən dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün 425 milyon manat, o cümlədən elm üzrə 7 milyon, təhsil üzrə 127 milyon, səhiyyə üzrə 126 milyon, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və idman üzrə 40 milyon, kənd təsərrüfatı üzrə isə 125 milyon manat vəsait sərf edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün 347 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulması mümkün olmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 443 milyon manat vəsait yönəldilmişdir.
Aqrar sektorun maddi-texniki təminatının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə xərclər 2013-cü ilin dövlət və icmal büdcələrinin prioritet xərcləri sırasında olmuş, əhalinin ərzaq məhsulları ilə təminatında mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, meliorasiya və su təsərrüfatı komplekslərinin ahəngdar fəaliyyətinin və istismarının təşkili, suvarma və drenaj şəbəkələrinin genişləndirilməsi kimi tədbirlər üçün maliyyə təminatı yaradılmışdır.
2013-cü il dövlət büdcəsinin cari və əsaslı xərclərinə, üst-üstə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 832 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2012-ci ilə nisbətən 49 milyon manat və yaxud 6,2 faiz çox deməkdir.
2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının icrası üçün 125 milyon manat vəsait sərf edilmişdir. Kənd təsərrüfatı texnikasının, aqrokimyəvi maddələrin, damazlıq heyvanların, traktor və taxılyığan kombaynların alınması və lizinqin təşkil edilməsi üçün dövlət büdcəsinin cari xərclərindən Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə 35 milyon manat, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 35 milyon manat, üst-üstə 70 milyon manat vəsait ayrılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Kreditləri üzrə Dövlət Agentliyinə 8 milyon manat vəsait ayrılmışdır.
Hesabat ilində sahibkarlığın inkişafı yolu ilə müasir texnologiyalara əsaslanan məhsul istehsalının artırılması və xidmətlərin göstərilməsi istiqamətində işlər davam etdirilməklə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılmışdır ki, bu da 2012-ci illə müqayisədə 60 milyon manat və yaxud 1,7 dəfə çoxdur. 2013-cü ildə dövlət büdcəsindən maliyyə yardımı alan bir sıra təşkilatlara 111 milyon manat məbləğində transfer edilmişdir. Söhbət, əsasən, zərərlə çalışan dövlət qurumlarından gedir.
2014-cü il 1 yanvar tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 12 milyard ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanmışdır. Hazırda istifadə olunmuş xarici borcun məbləği 6,1 milyard ABŞ dollarıdır və borcun ümumi daxili məhsula nisbəti 8,2 faiz təşkil edir. Hesabat ilində dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi diqqətdə saxlanılmış və bu istiqamət üzrə dövlət büdcəsinin xərcləri 728 milyon manat məbləğində icra edilmişdir.
Ölkəmizin təşkilatçılığı ilə xarici ölkələrdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə ötən il 44 milyon manat vəsait xərclənmişdir. Xarici ölkələrdə fəaliyyət göstərən 71 diplomatik nümayəndəlik və konsulluqlarımızın saxlanmasına 59 milyon manat vəsait sərf edilmişdir. Bu da 2012-ci ildəkinə nisbətən 7,4 milyon manat və yaxud 14,4 faiz çox deməkdir. 2013-cü ildə beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclərimiz 104 milyon manat təşkil etmişdir.
Hörmətli millət vəkilləri, regionların sosial-iqtisadi inkişafı, vergi bazasının genişləndirilməsi, yığım əmsalının artırılması nəticəsində 2013-cü ildə dövlət büdcəsinin yerli gəlirləri üzrə proqnoza 719 milyon manat və yaxud 103,2 faiz əməl edilmişdir. Bakı şəhəri istisna olunmaqla digər rayon və şəhərlərin yerli gəlirləri proqnoza qarşı 499 milyon manat, 103,1 faiz icra edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 92 milyon manat və yaxud 22,5 faiz çox deməkdir.
Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 278 milyon manat və yaxud 2012-ci illə müqayisədə 20 milyon manat çox dotasiya yönəldilmişdir. Bununla yanaşı, həmin mənbədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bir sıra zəruri investisiya layihələrinin, o cümlədən Arpaçay və Ordubad Su-Elektrik Stansiyasının, Naxçıvan–Sədərək və Naxçıvan–Şahbuz magistral qaz kəmərlərinin tikintisi, Muxtar Respublikada su təchizatının, kanalizasiya sistemlərinin və Naxçıvan–Şahbuz–Batabat, Culfa–Ordubad avtomobil yollarının yenidən qurulması və digər layihələrin maliyyələşdirilməsi üçün 263 milyon manat vəsait yönəldilmişdir.
2013-cü ildə respublikanın digər rayon və şəhərləri üzrə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 794 milyon manat dotasiya, maliyyə yardımı ünvanlanmışdır. 2013-cü ildə rayon və şəhərlərə dövlət büdcəsindən ayrılmış dotasiyanın məbləği 46 milyon manat və yaxud 6,2 faiz, onun yerli xərclərin tərkibində xüsusi çəkisi isə əvvəlki illə müqayisədə yerli gəlirlərin artımı hesabına 5,9 faiz bənd azalaraq 54,1 faiz təşkil etmişdir.
2013-cü ildə, əsasən, münbit xarici ticarət konyunkturası nəticəsində dövlət büdcəsinin mədaxil proqnozu artıqlaması ilə icra olunduğu və obyektiv səbəblərə görə bəzi xərclər üzrə qənaət əldə edildiyi üçün büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən tam istifadə etmək zərurəti olmamış, faktiki olaraq dövlət büdcəsində 353 milyon manat profisit yaranmışdır. 2014-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında 960 milyon manat qalıq vəsait mövcuddur.
2013-cü ildə dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında icrasına nail olunmuşdur. Sair xərclər 2012-ci illə müqayisədə 735 milyon manat və yaxud 8,2 faiz azaldılmışdır.
Hörmətli millət vəkilləri, çıxışımın yekununda sizi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsində nəzərdə tutulan göstəriciləri, o cümlədən dövlət büdcəsinin mədaxil mənbələri üzrə gəlirlərini, funksional təsnifatın paraqraf səviyyəsində xərclərinin istiqamətlərini, dövlət büdcəsinin profisitinin yuxarı həddini, cari il yanvar ayının 1-nə vahid xəzinə hesabının qalığını və həmçinin həmin qalığın istifadə istiqamətlərini özündə əks etdirən Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanunu layihəsinin təsdiqinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Xahiş edirəm, müzakirələrdə iştirak etmək istəyənlər yazılsınlar. Mən bilmək istəyirəm, görüm nə qədər millət vəkili yazılacaq. Deməli, 19 nəfər.
Hörmətli millət vəkilləri, üç natiq çıxış etdi və mən tam səmimi demək istəyirəm ki, hələ beynəlxalq iqtisadi böhranın nəfəsi ölkənin üzərində hiss edilərkən Azərbaycan Respublikası öz tarixində ən böyük həcmli büdcəsini – 2012-ci ilin büdcəsini qəbul etdi. Çıxışlardan gördüyünüz kimi, onu da çox uğurla həyata keçirib. İndi mən görürəm, çıxış etmək istəyənlərin sayı artıq 21 nəfərdən yuxarıdır. Əgər etiraz etmirsinizsə, 5 dəqiqəyə keçirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, mən razıyam. Çıxış üçün təkid edən var? Təkid edən bir nəfərdir, qoy çıxış etsin, sonra. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Görürəm ki, bizim bəzi millət vəkilləri tələsirlər, amma bu büdcənin icrası ilə bağlı məsələ ciddi məsələ olduğuna görə bir neçə məqamla bağlı mən öz fikirlərimi bildirmək qərarına gəldim.
Bizim bəzi millət vəkilləri, yəqin, xatırlayarlar ki, əvvəlki büdcənin icrası ilə bağlı məsələlər parlamentdə müzakirə olunarkən mən bir məsələyə xüsusi diqqət yetirmişdim. Bu da Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı məsələ idi. O zaman biz büdcənin icrası ilə bağlı sənədlərlə tanış olanda mən öz narazılığımı bildirmişdim ki, bu məqsədlə ayrılmış vəsaitdən cəmi 41 faiz istifadə olunmuşdur.
Həm 2013-cü il dövlət büdcəsinin icrası haqqında bizə göndərilmiş qanun layihəsi, həm də ona dair hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi ilə tanış olanda, ümumiyyətlə, bununla bağlı hər hansı bir rəqəmə rast gəlmədim. Amma bizim “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə xanım çox sağ olsun ki, cənab nazir Mikayıl Cabbarovdan müsahibə alıb. Orada bununla bağlı bəzi rəqəmlər var.
Biz hamımız bilirik, hörmətli Samir müəllimin özü də Azərbaycandan kənarda təhsil almış bir şəxsdir. Yüksəkixtisaslı kadrların hazırlanması üçün bizim gənclərin dünyanın tanınmış universitetlərində oxumasına çox böyük ehtiyac var. Sevindirici haldır ki, belə bir proqram qəbul olunub.
Bu gün mən nazirin – Mikayıl müəllimin müsahibəsi ilə tanış oldum. O müsahibədə qeyd olunur ki, 2007–2015-ci illər üzrə indiyə qədər cəmi 2612 nəfər xaricdə təhsil almağa göndərilib. Bu, 50 faizdən bir az artıqdır. Halbuki bu proqramın başa çatmasına çox az vaxt qalıb və proqramda da 5 min tələbənin xaricə göndərilməsi nəzərdə tutulurdu.
Bu çox narahatedici bir faktdır. Çünki Azərbaycanın yüksəkixtisaslı kadrlara çox böyük ehtiyacı var. Əlbəttə, Mikayıl müəllimi biz təqdir etməliyik ki, tək keçən il ortaillik göstərici üzrə xaricə göndərilən tələbələrin sayı iki dəfə artıb. Yəni 2612 nəfərdən 787 nəfəri yalnız 2013–2014-cü illərdə təhsil almaq üçün xaricə göndərilib. Amma 2013-cü il dövlət büdcəsinin icrası haqqında layihədə göstərilməyib ki, bu məqsədlə ayrılan vəsait neçə faiz icra olunub.
İxtisas seçimində də müəyyən məhdudiyyətlər var. Adətən, uşaqları humanitar fənlər üzrə xaricdə oxumağa göndərmirlər. Halbuki Azərbaycanın maraqlarını beynəlxalq məhkəmə və təşkilatlarda müdafiə etmək üçün dünyanın tanınmış universitetlərində oxumuş beynəlxalq səviyyəli hüquqşünaslara bizim çox böyük ehtiyacımız var.
Bundan başqa, mən burada diqqəti hökumətin fəaliyyətinə həm də ona görə yönəltmək istəyirəm ki, bizdə xarici dillərin öyrənilməsi ilə əlaqədar olaraq xüsusi dövlət proqramının qəbul olunmasına ehtiyac var. Ali məktəblərə qəbul olunan uşaqların tərkibini təhlil etsək, görərik ki, bunlar, əsasən, Bakı və iri şəhərlərdə təhsil almış orta məktəb məzunlarıdır.
Mən düşünürəm ki, xarici dillərin tədrisi ilə bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bu gün Azərbaycanda azərbaycanca-ingiliscə normal bir elektron lüğət yoxdur. Rusiyanın “Linqvo” adlı çox mükəmməl bir proqramı var. Hətta o şirkətlə də müqavilə bağlayıb bunu etmək olar. Bizdə hətta azərbaycanca-rusca elektron lüğət yoxdur.
5 dəqiqəlik vaxtım qurtarır. Sonda bir şeyi də qeyd etmək istərdim. Əlbəttə, yaxşı haldır ki, ipoteka kreditləşməsi üçün büdcədən 40 milyon manat ayrılmışdı və o tamamilə, tam miqdarda İpoteka Fonduna ödənilib. Amma bu yaxınlarda bizim Statistika Komitəsi elan etdi ki, Azərbaycanda əgər ailədə adambaşına 300 manatdan çox vəsait düşürsə, o ailə varlı ailə sayılır. Halbuki bizdə 300 manat alan adama hətta ipoteka krediti verilmir. Əgər varlılar ipoteka kreditini ala bilmirsə, onda orta təbəqə, aşağı təbəqə bu kreditləşmədən necə istifadə etsin? Ona görə də çox xahiş edərdim ki, bu məsələyə də diqqət yetirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hökumətə uğurlar diləyək, arzu edək ki, Samir müəllim, gələn il büdcənin icrası builkindən pis olmasın. Sağ olun.
Gündəliyin ikinci məsələsinə keçirik. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, 2013-cü ilin noyabr-dekabrında biz Vergi Məcəlləsinə çox ciddi dəyişikliklər etdik. Bu dəyişikliklər nəticəsində Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində konkret addımlar atıldı və 2014-cü ilin uğurlu başlaması da bilavasitə bu dəyişikliklərlə əlaqədardır.
Bu gün Vergi Məcəlləsində edilməsi təklif olunan dəyişikliklər aşağıdakılardan ibarətdir. Təklif edilir ki, 102.1.18-ci maddə aşağıdakı redaksiyada verilsin: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya;”, 106-cı maddəyə aşağıdakı bəndlər əlavə edilsin: “kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 5 il müddətinə;”, “körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya;”, 164-cü maddəyə aşağıdakı bənd əlavə edilsin: “kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 5 il müddətinə”. Məcəlləyə aşağıdakı məzmunda 199.9-cu maddə əlavə edilir: “Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar”.
Cənab Sədr, bu düzəlişlər Vergi Məcəlləsindən başqa daha üç qanunla bağlı olduğu üçün bizə dörd qanun layihəsi bir paketdə gəlib. Bunlar artıq dediyim kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, eləcə də “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” və “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə qanun layihələridir.
Sonuncu iki qanunun ləğvi onunla əlaqələndirilir ki, konkret subyektlərə müddətli vergi güzəştlərinin verilməsi Vergi Məcəlləsində yox, həmin qanunlarda öz əksini tapıb və bu müəyyən çaşqınlıq törədir. Ona görə cənab Prezidentin təklifi ondan ibarətdir ki, vergi güzəştləri ilə əlaqədar olan məsələlər yalnız Vergi Məcəlləsində nəzərdə tutulsun. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələlərə münasibət bildirsinlər.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hörmətli deputatlar, qanun layihələrinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Əlbəttə, çox mütərəqqi dəyişikliklərdir. Mən bunu alqışlayıram və hesab edirəm ki, hökumətin bu addımı təqdir olunmalıdır. Bu gün Azərbaycanda həm körpələr evləri və uşaq bağçalarının sayının kəskin surətdə artırılması, həm də kənd təsərrüfatının inkişafı üçün bu addımın atılması zəruridir və sözsüz ki, mən buna səs verəcəyəm.
Amma mən bir təklif də vermək istəyirdim. Bu barədə biz gərək düşünək, müvafiq orqanlar düşünsünlər. Mən əvvəllər də söyləmişdim ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri çox yüklənir. Kənd rayonlarından insanlar iş axtarmaq üçün daha çox bu şəhərlərə üz tuturlar.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə hər il ölkəyə 96 mindən artıq minik avtomobili gətirilir. Yən alıcısı var ki, Azərbaycana bu qədər avtomobil gətirilir. Hər birimiz şahidik ki, Bakı şəhərində nə qədər körpülər tikilir, yol ayrıcları salınır, amma yenə də tıxac problemi öz həllini tapmır. Bu barədə biz ciddi düşünməliyik. Ona görə də sahibkarlarımızı, investorlarımızı Azərbaycanın rayonlarına investisiya qoymağa meyilləndirməliyik ki, o müəssisələr Bakıda yox, rayonlarda yaransın.
Onun üçün mən bir daha təklif edirəm ki, bizim müvafiq komitələr, nazirliklər bu istiqamətdə iş aparsın. Abşeron rayonu istisna olmaqla kənd rayonlarında yaradılan sənaye müəssisələri 3 il müddətinə vergilərdən azad olunsun və növbəti 7 ildə onlar üçün vergi güzəştləri nəzərdə tutulsun. Belə olacağı təqdirdə mən əminəm ki, hətta Bakıdan insanlar gedib rayonlara investisiya qoyacaqlar ki, orada vergi güzəştləri var. Mən təklif edərdim ki, bu barədə biz düşünək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bütün bu vergi güzəştlərinin bir qanunda – Vergi Məcəlləsində təsbit olunmasının tərəfdarıyam və bunu müsbət qarşılayıram. Çünki bunların dağınıq olması, həqiqətən, bəlli bir dolaşıqlıq yaradır. Adamlar qanunvericiliyin ayrı-ayrı sahələrində onlara edilən güzəştlər axtarmaqdan, əslində, yorulurlar. Əlbəttə, bunları bir yerə yığmaq daha məqsədəuyğundur.
Burada təklifim başqa bir məsələ ilə bağlıdır. Ümumiyyətlə, mən təklif edərdim, biz təkcə körpələr evləri, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərinin deyil, uşaqlarla bağlı musiqi məktəblərinin də sadələşdirilmiş vergidən azad edilməsi barədə düşünək.
Xatırlayırsınızsa, keçmiş sovet dövründə pionerlər evi, eyni zamanda, uşaqların texniki qabiliyyətini gücləndirmək üçün xüsusi texniki məktəblər var idi və orada uşaqlar müvafiq ixtisaslar əldə etmək üçün müəyyən vərdişlərə yiyələnirdilər. Bizdə isə təəssüf ki, bu sahədə bir boşluq hökm sürür. Ona görə sahibkarları stimullaşdırmaq lazımdır ki, uşaqlarda texniki bilik və qabiliyyətlərin inkişaf etdirilməsi üçün bu sahələrə investisiya qoysunlar. Bunun üçün isə ən yaxşı stimul elə vergidən azadetmədir. Çünki uşaq gəlir gətirmək, istehsalla məşğul olmaq qabiliyyətinə malik deyil. Sahibkar da vergi yükü artıq olanda qiymətləri elə baha edir ki, orta gəlirləri olan vətəndaşlar uşaqlarını bu tipli məktəblərə qoya bilmirlər.
Deyilənlər musiqi məktəblərinə də aiddir. Ayrı-ayrı musiqi sahələri var ki, repetitor 30-40 uşağı o sahələr üzrə eyni vaxtda hazırlaşdıra bilir. Amma tar və ya fortepiano dərsində ancaq 1 uşağı hazırlamalısan. Müəllim ona sərf elədiyi 1 saatda çox azacıq bir qazanc əldə edə bilir. Ona görə bu məsələləri də düşünmək, insanları düşünmək lazımdır.
Əlbəttə, müsbət haldır ki, bizdə yeni körpələr evləri, uşaq bağçaları tikilir. Amma qiymətləri elə dağın başına qaldırıblar ki, hər adamın onların xidmətlərindən istifadə etmək imkanı yoxdur. Baxın, Qazaxıstanda dövlət tərəfindən açılan, dövlət tərəfindən himayə edilən bütün uşaq bağçaları pulsuzdur, yəni uşaqlar o bağçalara pulsuz qəbul edilirlər. Amma Azərbaycanda çox təəssüf ki, rəsm puldan əlavə qeyri-rəsmi pul da var. Şəxsən mən millət vəkili kimi xeyli müraciətlər alıram ki, filan bağçanın müdirinə zəng vurun, bizim uşağı bağçaya götürsün. Bəs bu uşaq hara getməlidir? Axı, o, əvvəl-axır Azərbaycanın övladıdır. O haradasa təhsil almalı, məktəbə hazırlaşmalıdır. İndi görün, ölkəmizdə uşaq bağçasına getməyən nə qədər uşaq var. Ona görə bu sahədə bolluq olmalı və sahibkarın da işi yüngülləşməlidir ki, hər kəs bu sahəyə investisiya yatıra bilsin.
O baxımdan mən təklif edirəm ki, bunu düşünək. Hər halda bizim müvafiq komitəmiz məktəbəqədər tədris müəssisələrinin, uşaq musiqi məktəblərinin, texniki vərdişə yiyələnmək baxımından uşaqların hazırlanmasına imkan yaradan strukturların sadələşmiş vergidən azad olunmasını təmin edən qanunvericilik dəyişikliklərini işləyib hazırlaya bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Sağ olun, təşəkkür edirəm. Mən də belə hesab edirəm ki, bunlar müsbət dəyişikliklərdir. Həqiqətən də, müxtəlif qanunlarda müəyyən edilən vergi güzəştlərinin məhz Vergi Məcəlləsində öz əksini tapması olduqca vacibdir.
Mən ancaq bir şeyi qeyd etmək istəyirəm, Ziyafət müəllim. Konkret bir qanunu misal gətirim. Körpələr evləri və uşaq bağçaları ilə bağlı qanuna biz keçən ilin sonunda dəyişiklik etmişdik və səhv etmirəmsə, dekabrda da sərəncamla o, qüvvəyə mindi. Üstündən 4 ay keçir və biz indi həmin qanunu ləğv edirik, o qanundakı müddəaları Vergi Məcəlləsinə köçürürük.
Niyə mən bunu misal çəkirəm? Son bir neçə gündür, mətbuatda yazırlar ki, uşaq bağçalarına, körpələr evlərinə verilən imtiyazlar ləğv edilir. Əslində, bu, ləğv edilmir, Vergi Məcəlləsinə uyğunlaşdırılır. Dövlət tərəfindən edilən güzəştlər olduğu kimi qalır. Bunlar vacib güzəştlərdir. Çünki qiymətlərə təsir edəcək, insanlar övladlarını aparıb uşaq bağçalarına yerləşdirmək imkanı əldə edəcəklər.
Ona görə mən istərdim ki, qanunvericilik subyektləri belə məsələlərdə bir az diqqətli olsunlar və vaxtında bunu təqdim etsinlər. Bu hallar tez-tez olur. Bu gün qəbul etdiyimiz qanunu 3 aydan sonra yenisi ilə əvəz edir və ya başqa bir qanuna uyğunlaşdırırıq. Sadəcə olaraq, bunu demək istəyirdim. Ümumilikdə, olduqca vacib və məntiqli bir dəyişiklikdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də, təbii ki, bu dəyişiklikləri dəstəkləyirəm. Bunlar çox önəmli dəyişikliklərdir.
Çingiz müəllim öz çıxışında çox doğru olaraq vurğuladı ki, mətbuat və mediamızda bu qanunun ləğv edilməsi barədə verilən məlumatlar və qeyri-dəqiq şərhlər belə bir yanlış fikrin formalaşmasına səbəb olmuşdur ki, körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə verilmiş müddətli vergi güzəştləri ləğv olunacaq. Ona görə də mətbuat və mediamızın bir daha diqqətinə çatdırırıq ki, körpələr evləri, uşaq bağçaları və uşaq evlərinə verilən vergi güzəştləri ləğv olunmur, sadəcə, qanun ləğv olunur və həmin məsələlər Vergi Məcəlləsi ilə tənzimlənəcək. Bunun insanlarımıza geniş və doğru şəkildə çatdırılması çox önəmlidir. İnanıram ki, parlamentin işini işıqlandıran mətbuat və media orqanlarımız da bunu bu şəkildə çatdıracaqdır.
Mən fürsətdən istifadə edib vergi güzəştləri barədə əvvəllər irəli sürdüyüm təklifləri burada bir daha səsləndirmək istərdim. Mənim fikrimcə, daha iki sahədə bu cür vergi güzəştlərinin edilməsi çox vacibdir. Bunlardan biri Ermənistanla sərhəddə, ön cəbhədə yerləşən kəndlərimizdə iş yerləri açan, sərmayə qoyan insanların vergilərdən azad olunmasıdır. Çünki Ermənistanla ön cəbhə kəndlərində işsizlik böyük problemdir və iş yerlərinə çox ehtiyac var. Sərmayədarlar gəlib oraya sərmayə qoymaqda maraqlı deyillər. Onları maraqlandırmaq, ən azı kiçik sərmayələri o kəndlərə cəlb eləmək üçün yaxşı olardı ki, məhz Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizə də biz bu vergi güzəştlərini tətbiq edək. Kim orada sərmayə qoyacaq, iş yeri açacaqsa, onlar da bu vergidən azad olunsunlar.
İkinci təklifim orqan transplantasiyası əməliyyatına getmək məcburiyyətində qalan insanlarla bağlıdır. Ölkəmizdə, məsələn, qara ciyər transplantasiyasının qiyməti 45 min manatdır. Bu 45 min manatın 18 faizini əlavə dəyər vergisi təşkil edir. Biz hələ ki, tibbi sığorta sistemini tətbiq edə bilməmişik və 45 min manatı ödəmək nəinki orta gəliri olan vətəndaş, hər bir insan üçün çox ağırdır. Digər orqan transplantasiyalarında da qiymətlər 10–11 min manatdan aşağı deyil.
Söhbət yüzlərlə insandan getmir. Təcili əməliyyat olunmaq məcburiyyəti qarşısında qalan insanlara bu vəsaiti toplamaq çox çətindir. Heç olmasa, bu məbləğdən 18 faiz əlavə dəyər vergisi çıxarılsa, o xərclər 20 faizə yaxın aşağı düşər ki, bu da insanlarımıza nə qədər kömək etmiş olar. Ona görə mən Vergilər Nazirliyindən bu məsələ barədə düşünməyi xahiş edərdim. Bəlkə orqan transplantasiyasındakı əlavə dəyər vergisini biz hələ ki ləğv edək. Tibbi sığorta tətbiq olunduqdan sonra isə bu məsələyə təkrar baxıla da bilər. Amma bu çox önəmli məsələdir.
Çıxışımın sonunda bu layihələrə aidiyyəti olmasa da, Ziyafət müəllim, Sizdən bir dəqiqə əlavə vaxt xahiş edib bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Çünki Sizin də bu məsələyə həssaslığınızı bilirəm. Bu, qızlarımızın Ali Hərbi Məktəbə daxil olması məsələsidir. Bu məsələni niyə indi çatdırıram? Çünki bu zaman da keçir. Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə imtahanlar da başlayacaq.
2009-cu ildən qızların Ali Hərbi Məktəbə daxil olması dayandırılıb. Çünki bu, Müdafiə Nazirliyindən sifariş əsasında olmalıdır. Bizim belə qızlarımız var, özləri müraciət edirlər ki, hərbiçi olmaq istəyirik. Biz müharibə vəziyyətində olan bir ölkədəyik. Niyə bizim hərbiçi olmaq, hərbi sahədə mütəxəssis olmaq istəyən qızlarımızın qarşısına bir sədd çəkilsin ki, siz Ali Hərbi Məktəbə daxil ola bilməzsiniz? Ona görə mən Müdafiə Nazirliyimizdən xahiş edirəm, bu məsələ öz həllini tapsın və qızların ali hərbi məktəbə yolu açılsın. Bu çox önəmli məsələdir. Silahlı Qüvvələrimizdə qadın hərbiçilərin artması ordumuzun psixoloji cəhətdən daha yüksək durumda olmasına müsbət təsir göstərər.
Ziyafət müəllim, mən hesab edirəm ki, bu istəkdə olan insanların arzusunun qarşısını almaq özü də, əslində, doğru bir yanaşma deyil. Ona görə mən xahiş edəcəyəm ki, Sizin rəhbərlik etdiyiniz komissiya və Müdafiə Nazirliyimiz tərəfindən bu məsələ müzakirə olunsun. Ali Hərb Məktəbdə bir gərəkcə göstərirlər ki, hansı səbəblərdən bunu dayandırıblar. Mən o səbəbləri oxudum. Əslində, o səbəblər, məncə, o qədər də önəmli görünməyən səbəblərdir və bu məsələlər öz həllini tapa bilər. Ali məktəblərə tələbə qəbuluna artıq az qalıb. Yenə bu məsələ ortada olacaq. Xahiş edirəm, bu məsələnin həllinə dəstəyinizi göstərəsiniz. Sağ olun.
Sədrlik edən. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də hesab edirəm ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər mütərəqqi xarakter daşıyır. Əlbəttə, həmin dəyişikliklər göstərilən sahələrin sürətli inkişafına şərait yaradacaq. Ona görə mən təklif olunan bu dəyişikliklərə səs verəcəyəm.
Bununla belə, mən burada iki məsələyə toxunmaq istərdim. Məlumdur ki, Azərbaycanda bütün uşaqları əhatə edə biləcək qədər uşaq bağçası yoxdur. Bəzi kəndlərdə, ümumiyyətlə, uşaq bağçası yoxdur. Amma biz “Təhsil haqqında” Qanuna məktəbəqədər hazırlıqla bağlı bir maddə saldıq. Hesab edirəm, bu, səhv addım idi. Çünki hər dəfə sentyabrdan əvvəl uşaqlar məktəbə yazılanda bu çox böyük problemlər yaradır.
Xüsusilə rayon yerlərində, kənd yerlərində uşaqların heç də hamısı bağçalarla əhatə olunmayıb. Valideynlər çox böyük narahatçılıq keçirir, təşvişə düşürlər ki, bəs mənim uşağım bağçada olmayıb. O da məktəb direktorlarının əlinə əlavə bir bəhanə verir, hə, sənin uşağın hazırlıq keçməyib, sənin uşağını götürə bilmərik. Ona görə, məncə, biz bu məsələyə bir daha baxmalıyıq. Hətta şəhər yerində uşaqları məktəbə, məsələn, zənglə götürürlər. Axı, belə olmaz. Uşaq məktəbə gərək mütləq götürülsün. Yəni direktorların əlinə biz həmin o maddə ilə əlavə bəhanə vermişik. Mən bunu ikinci dəfə deyirəm.
Sovet vaxtı necə idi? Uşağın yaşı çatdısa, mütləq məktəbə götürülməli idi. Amma indi direktor götürə də bilər, götürməyə də bilər. Mən hesab edirəm ki, biz əhali üçün əlavə problem yaratdıq. Mən bunu deməyi özümə borc bilirəm.
İkinci məsələ. Ölkəmizdə elmi inkişaf üçün çox gözəl şərait yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının, Milli Ensiklopediya Mərkəzinin ən müasir avadanlıq və texnika ilə təchiz olunmuş yeni binalarının açılışı, yaxud Bilik Fondunun, Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması. Bunlar hamısı göstərir ki, Azərbaycanda elm sahəsinə çox böyük önəm verilir. Şair vaxtında demişdir ki, yox imzası millətimin imzalar içində. Bu gün bütün bunlar xalqımızın istənilən sahədə imzasını qoymasına şərait yaradır.
Bununla belə, mən bu sahədə də bir məsələyə düzəliş edilməsin istərdim. Siz bilirsiniz ki, 2013-cü ilin sentya-brında cənab Prezidentin sərəncamı ilə elmi dərəcələrə görə verilən təzminat iki dəfə artırıldı, 100 manat və 60 manat oldu. Amma o məbləğ əməkdaşların məvacibinə əlavə olunub yaranmış ümumi məbləğdən vergi tutulduğuna görə alimlər verilən bu təzminatları o dərəcədə hiss eləmirlər. Mən xahiş edirəm, mümkün olanda bu məsələyə də baxılsın ki, elm və təhsil sahəsində çalışan insanların elmi dərəcəyə görə aldığı təzminatdan vergi tutulmasın. Vergi güzəşti alimlərin aldığı o təzminata da şamil olunsun. Bu çox vacibdir. Mənim dediklərim bu qədər. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən çox vaxtınızı almayacağam. Qısaca bir məsələ ilə bağlı fikirlərimi həmkarlarımla bölüşmək istəyirəm.
Ziyafət müəllim, bu qanun layihəsi ilə bağlı çox fikirlər söylənildi. Təbii ki, onu mən də dəstəkləyirəm. Ancaq gələcəkdə bura bəzi məsələlərin əlavə olunmasını istərdim.
Hazırda ölkəmizdə üçəmlər də dünyaya gəlir. Fikirləşirəm ki, bəlkə bu üçəmlərin valideynləri üçün də qanunda bir şey nəzərdə tutulsun və o ailələrə yardım olunsun. Üçəmlər həmişə doğulmur ki, çox nadir hallarda olur. Fikirləşirəm ki, qanunda bir dəfəyə üç və daha çox uşaq dünyaya gətirən valideynləri də nəzərə alsaydıq, pis olmazdı.
Sədrlik edən. Sağ olun, Adil müəllim. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, hörmətli deputatlar, nəzərinizə bir daha çatdırım ki, biz gündəliyimizdəki 2-ci, 3-cü, 4-cü və 5-ci qanun layihələrini bir yerdə müzakirə elədik. Çünki bu qanun layihələri cənab Prezidentin bir məktubunda daxil olub. Ona görə də 2-ci məsələyə – Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.33 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
3-cü məsələyə – “Torpaqların dövlət ehtiyacları üçün ayrılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
4-cü məsələ – “Kənd təsərrüfatı məhsulları istehlakçılarına müddətl vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
5-ci məsələ – “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyimizin növbəti məsələsinin müzakirəsinə başlayırıq. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində, yəni Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə qaçqın vəsiqəsi və yol sənədinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumunun dərəcələrində müəyyən dəyişikliklər nəzərdə tutulur. Rəqəmlər kifayət qədər yığcam şəkildə sizin sərəncamınıza verilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsi ilə bağlı Çingiz müəllim çıxış etmək istəyir. Buyurun.
Ç.Qənizadə. Hörmətli Ziyafət müəllim, mən dövlət rüsumu ilə bağlı konkret məsələ barədə danışmaq istəyirəm. Biz rüsumları, əslində, həddindən çox artırırıq. Bəzən baxırsan ki, adi bir əməliyyat üçün vətəndaş lazım olmayan rüsumları ödəyir. Keçən dəfə də vəsiqələrlə bağlı mən fikrimi bildirdim.
Amma indi bir məsələni qeyd etmək istəyirəm. Bu layihədə vətəndaşlığı olmayan və Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan şəxslərlə bağlı rüsumlar var. Aydındır, rüsum olmalıdır. Amma onlara oturum vəsiqələrinin verilməsində çox ciddi problemlər var.
Mən sizə bir misal göstərəcəyəm. İran İslam Respublikasının vətəndaşı Azərbaycanda 3 ay müddətində oturum hüququ verən sənəd alıb. Amma bu sənəd ona ölkəmizdə “Miqrasiya haqqında” Qanunun qəbul edilməsindən öncə verilib. Bizim şəxsiyyət vəsiqəsinə oxşayan çox normal bir sənəddir, arxasında da gerbli möhür var.
Bu əcnəbi deyir ki, mən Azərbaycanda yaşayaraq həm də müəyyən əmək fəaliyyəti ilə məşğulam, dövlətə vergi vermək istəyirəm. Bu sənədlə mən normal fəaliyyət göstərirdim. Amma “Miqrasiya haqqında” Qanun qəbul elədiniz, ondan sonra bu sənədlər aradan çıxdı, həm də rüsumları tətbiq edirsiniz. Bu gün bizə belə bir sənəd verilib, nə şəklimiz var, nə möhür var, nə bir şey var. Adicə bir barmaq kağız yazıb veriblər. Məni küçədə polis saxlayanda mən deyirəm ki, qeydiyyatdan keçmişəm, rüsum da ödəmişəm, belə bir sənəd veriblər.
Bax, bu sənədlə əcnəbi özünü hüquq mühafizə orqanlarında necə təsdiq etsin? Üstəgəl, deyir, gedirəm vergi orqanlarına ki, mən filan sahədə çalışıram, ustalıq edirəm və dövlətə 100 manat, 150 manat vergi verməliyəm. Mənə deyirlər ki, sənin şəxsiyyətini təsdiq edən sənədin yoxdur və bu sənədə görə də biz səndən dövlət olaraq rüsum ala bilmirik.
Nəyə görə bu sənədin verilməsi təxirə salınır? Biz əcnəbidən rüsum alırıq, amma ona kifayət qədər xidmət göstərə bilirikmi? Bu, xidmət deyil. Azərbaycanda bu vəziyyətdə olan əcnəbilər yüzlərlə yox, bəlkə minlərlədir. Bax, mən bu məsələni qaldırmaq istəyirdim. İndi bilmirəm, burada Dövlət Miqrasiya Xidmətinin nümayəndələri var, ya yox. Rüsumla bağlı ola bilər burada olsunlar. Dövlət orqanının verdiyi bu kağız dəftərxana kağızıdır. Mən bunu demək istəyirdim. Təşəkkür edirəm.
Sədrlik edən. Çingiz müəllim, sağ olun. Hər halda Miqrasiya Xidmətinə müraciət edin. Yəqin, Sizə oradan cavab verərlər. Hər halda səbəbsiz deyil, onun da bir mənası var. Niyə o, dəftərxana kağızı olmalıdır ki? Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Mən də hesab edirəm ki, bu rüsumlar, xüsusən əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq rüsumu həddindən artıq yüksəkdir. Bu adam bir ilədək əgər icazə almaq istəyirsə, min manat ödəməlidir. Bu çox böyük bir məbləğdir və nəzərə alaq ki, biz əcnəbi deyəndə öz soydaşlarımızla, xüsusən Cənubi Azərbaycandan, İrandan gələn soydaşlarımızla başqa ölkələrdən, Avropadan gələn əcnəbilər arasında heç bir fərq qoymuruq. O gələnlərin çox böyük bir hissəsi buraya çarəsizlikdən, işsizlikdən gəlir. Nəzərə alsaq ki, burada kirə məsələsi var, başqa xərclər var, hələ məlum deyil, bir il işləyəndə o, min manat pul qazanacaq, ya qazanmayacaq.
Ona görə də burada ya müəyyən güzəştlər olmalıdır, ya da biz öz soydaşlarımızla başqa ölkələrdən gələn əsl əcnəbiləri bir-birindən ayırmalıyıq. Təəssüf ki, bizim qanunlarımızda belə bir imkan yoxdur. Ona görə də bu rüsumların artırılmasının hansı çətinliklər doğuracağını bəri başdan görürük. Bunun həllinə görə də bizə müraciət edəcəklər və çox təəssüf ki, biz heç bir iş görə bilməyəcəyik.
Mən fikirləşirəm ki, bu rüsumlar artırılanda müəyyən şeylər nəzərə alınmalıdır. Hansı əsaslarla, nəyə görə – minimum əmək haqqına, yoxsa Azərbaycandakı indiki şəraitə görə? Onları bu cür qiymətləndirmək olmaz. Onlar bura çarəsizlikdən gəlirlər. Bu, nəzərə alınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Əgər başqa çıxış etmək istəyən yoxdursa...
Yerdən. (Eşidilmir.) İmamverdi müəllim, çıxış etmək istəyirsiniz?
Sədrlik edən. Görürəm çox əsəbisiniz, Sizə sonra, gələn iclasda söz verərəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin sonuncu məsələsi. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarırıq. Əli müəllim, buyurun. Komitə sədri Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən hesab edirəm ki, cənab Prezident tərəfindən Azərbaycan Respublikasının orden və medalları sırasına çox şərəfli bir medalın əlavə olunması ilə bağlı qanun layihəsi təqdim olunub. Bu, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalıdır. Bu medalın həm əsasnaməsi, həm də təsviri ilə bağlı sizə sənədlər təqdim olunub.
Qısaca məlumat vermək istəyirəm ki, Əsasnamədə təltif edilən şəxslərin əhatə dairəsi göstərilib və vurğulanıb ki, elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə seçilən şəxslər sağlıqlarında bu medal ilə təltif olunurlar. Burada həmçinin qeyd olunub ki, həmin xidmətlərə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə bu medalla təltif edilə bilməzlər.
Əsasnamədə deyilir ki, bu əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq qurum təltif edir. Bu qurumun adı qanunun qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin fərmanında öz əksini tapacaq. Amma medalın təsvirindən də göründüyü kimi, bu, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasıdır.
Hesab edirəm ki, medal kifayət qədər zövqlə hazırlanmışdır. O, bürüncdən tökülüb qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın üz tərəfində Nizami Gəncəvinin təsviri, arxa tərəfində onun anadan olduğu və vəfat etdiyi 1141–1209-cu illər qeyd olunmuşdur.
Bütövlükdə qeyd etmək istəyirəm ki, müstəqil dövlətçiliyimiz üçün bu medalın xüsusi əhəmiyyəti var. Hesab edirəm ki, millət vəkilləri bu layihəyə səs verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun, təşəkkür edirəm. Həqiqətən, bu bizim elm və təhsil sahəsində çalışan alimlərimizin stimullaşdırılması baxımından çox gözəl bir addımdır. Mən hesab edirəm ki, bu məsələ üzrə çıxış edənlər onu, sözsüz, təqdir edəcəklər. Ona görə bəlkə elə müzakirəsiz bu məsələni səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun. Bununla da bugünkü iclasımız sona çatdı. Sağ olun.
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ
16 may 2014-cü il
_______________________
İlyas İsmayılov. Bizə təqdim olunan Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd olunur ki, iqtisadiyyatın qeyri-neft sektorunda real artım 10 faizə çatmış, onun ÜDM-də xüsusi çəkisi təxminən 3 faiz artmışdır. Digər əsas makroiqtisadi göstəricilər də inkişafın davam etməsini sübut edir.
Bununla yanaşı, Azərbaycanın ixracında neft, qaz və neft məhsullarından asılılığın səviyyəsi əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də 90 faizə yaxındır. Digər səbəblərlə yanaşı, ölkəmizin qeyri-karbohidrogen ixrac potensialının artmamasının səbəbi kiçik və orta biznesi inkişafa və ixrac fəaliyyətinə yönəldən və həvəsləndirən iqtisadi mühitin kifayət qədər sağlam olmamasıdır.
Hamıya bəllidir ki, bazar iqtisadiyyatlı ölkələrin inkişafı investisiya, vergi, kredit siyasəti ilə bağlı olması ilə yanaşı, istehsalat, emal, xidmət müəssisələri arasında aparılan sağlam rəqabətdən asılıdır. Bu baxımdan Azərbaycanda, təəssüf ki, biz buna hələ də nail olmamışıq. Bunun da əsas səbəblərindən biri ölkənin iqtisadi sistemində inhisarçı şirkətlərin və qrupların kiçik və orta biznesin inkişafında maraqlı olmaması, onlara maneçilik törətməsi və təəssüf ki, dövlətin bu proseslərə biganə qalmasıdır.
“Azərbaycanda antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart tarixli Qanunun 4-cü və 35-ci maddələrinə əsasən bir şirkətin payı bazarda 35 faizdən çox olarsa, o, artıq inhisarçı sayılır. Bu qanuna 1997, 2001, 2002, 2003, 2004-cü illərdə dəyişikliklər edilib. Lakin 35 faiz rəqəmi toxunulmadan saxlanılmışdır. Bu rəqəm kim tərəfindən və hansı metodika əsasında təyin olunub? Məhz bu rəqəmin ölkədə istehsala, kiçik və orta biznesin inkişafına stimul kimi təsir edəcəyi necə müəyyənləşib?
Oturuşmuş iqtisadi sistemlərə baxaq. ABŞ-da istehsal sahəsində 6 faizdən çox paya sahib olan şirkətlər inhisarçı elan edilir. Avropada bu göstərici 15–20 faiz arasında dəyişir. Düşünürəm ki, azad rəqabət mühitinin formalaşması üçün hazırkı limitin aşağı salınması vacib bir addım olardı. Belə olarsa, ölkənin qeyri-neft sektorunda ildə 7–10 faizlik yox, əsaslı canlanma baş verər.
Təbii ki, qanunda bir rəqəmin dəyişdirilməsi heç də o demək deyil ki, bundan sonra bütün işlər öz axarı ilə qaydasına düşəcək. Monopoliyalarla mübarizə həm də korrupsiya və qiymətlərin süni artırılması ilə mübarizə deməkdir. Deməli, bu mübarizəyə müqavimət də çox güclü olacaq və bu müqavimət məhz dövlət tərəfindən sındırılmalıdır. Bu yolda dövlət daim İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinə dəstək olmalı, böyük lobbi imkanlarına malik inhisarçı şirkətləri qanuna və iqtisadi ədalətə dəvət etməlidir. Bu təklifə əməl olunarsa, düşünürəm ki, çox qısa bir zamanda biz qeyri-neft sektorunun daha güclü inkişafının, ölkənin ixrac potensialının artmasının və korrupsiyanın azalmasının şahidi olacağıq.
Qayıdaq rəqəmə. İnhisarçılıqla bağlı müəyyənləşdirilən limit rəqəmi havadan götürülməməlidir. Bunun üçün obyektiv, xarici mütəxəssislərin iştirakı ilə ciddi və hərtərəfli bazar tədqiqatı aparılmalı və onun əsasında bütün incəlikləri nəzərə alan obyektiv rəqəm müəyyən edilməli, sonra isə bu meyar əsasında ciddi və müntəzəm iş aparılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.