10.11.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 28
Mill Məclisin iclas salonu.
10 noyabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
İ. Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
İ. İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi.
E. Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi.
S.Qurbanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.
* * *
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri müzakirə edilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
10 noyabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədr
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 75
Yetərsay 83
Bir də, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 86
Yetərsay 83
Yetərsay var. Müzakirələri davam edirik. Hörmətli millət vəkilləri, bu gün biz gündəliyin ikinci məsələsinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsinə baxacağıq. Əgər etiraz eləmirsinizsə, bu qanun layihəsi ilə birlikdə həmin qrupa daxil olan 11-12-ci məsələləri – "Sosial sığorta haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara düzəlişləri də müzakirə eləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Söz verilir Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İlk öncə icazə verin, bütün millət vəkillərimizi cənab Prezidentimizin tapşırığı ilə onlar üçün yaradılmış müasir standartlara cavab verən bu gözəl salonda avtomatlaşdırılmış iş yerləri ilə təmin edilmələri münasibəti ilə ürəkdən təbrik edim, gələcək fəaliyyətlərində onlara daha böyük uğurlar arzulayım.
Bir neçə gün öncə cənab Sədrin razılığı ilə Litva Respublikasının sosial sığorta fondunun nümayəndə heyətini bu salona dəvət edəndə, onlar burada gördüklərindən heyrətə gəldilər. Mən həmin anda bir azərbaycanlı kimi böyük qürur hissi keçirdim. Belə bir qürur hissini həmin nümayəndə heyətini Quba rayonunun Xınalıq kəndinə yeni çəkilmiş yolla aparanda da keçirdim. Yol boyu vaxtilə geridə qalmış kəndlərdə bu gün tikilmiş yeni yaşayış, məktəb binalarını, eləcə də yüksəkliklərə sancılmış Azərbaycan bayraqlarını gördükcə onlar heyrətə gəlirdilər. Bu məni bir azərbaycanlı kimi həddən çox qürurlandırırdı. Mən inanıram ki, biz gələcəkdə bu templərlə inkişafımızı saxlayacağıq, çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtilə ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirməyə başladığı iqtisadi siyasəti uğurla reallaşdırması nəticəsində Azərbaycan iqtisadiyyatı görünməmiş bir inkişaf tempi ilə artmaqda davam edir.
Bu ilin 9 ayı ərzində əldə edilmiş nəticələr barədə artıq bir neçə gün davam edən dövlət büdcəsinin müzakirəsi zamanı çıxışlarda həm Azərbaycan Respublikası maliyyə naziri, həm iqtisadi inkişaf naziri, həm Milli Bankın sədri, həm də digər orqanların çıxış edən rəhbərləri, eləcə də millət vəkilləri öz ürək sözlərini söylədilər. Mən bunları təkrar etmək istəmirəm. Amma ümumiyyətlə, demək istəyirəm ki, iqtisadi inkişafın belə yüksək templəri iqtisadi-siyasi, mədəni-ictimai həyatımızın bütün sahələrində, demək olar ki, öz adekvat əksini tapır. Bu baxımdan sosial sığorta, pensiya sistemində baş verən dəyişikliklər də istisna təşkil etmir.
Bu gün mən uğurla sizə məruzə etmək istəyirəm ki, sosial sığorta, pensiya sistemində artıq 3 ildir ki, başlamış və sürətlə aparılan islahatlar hazırda da davam edir. Hətta demək mümkündür ki, gələn il bu islahatlar özünün pik nöqtəsinə çatacaqdır. Bu həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin sizin müzakirənizə təqdim edilən layihəsindəki rəqəmlərlə, həm də digər iki qanunda aparılan dəyişikliklərlə bir daha əyani şəkildə sübut olunur. Azərbaycan Respublikasında pensiya islahatlarının konsepsiyasının uğurla gerçəkləşdirilməsi nəticəsində ölkədə sosial sığorta münasibətlərinə əsaslanan yeni əmək pensiyaları sisteminin qurulmasına, eləcə də pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsinə əsaslanan, eyni zamanda, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən bir sistemin qurulmasına gətirib çıxarmışdır.
Ölkə iqtisadiyyatının davamlı inkişafı cəmiyyətin başlıca sosial problemlərinin, o cümlədən yoxsulluğun azaldılması probleminin qısa müddətdə və uğurla aradan qaldırılmasına geniş imkanlar açmışdır. Təkcə son 3 il ərzində ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi 2,6 dəfə artmış və bunun nəticəsində həmin dövrdə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1,6 dəfə artmış, nəticədə əmək pensiyalarının orta aylıq məbləği 2004-cü ildə 24,8 manatdan bu gün 42,2 manata çatdırılmışdır. Növbəti iki ildə bu rəqəmin 2 dəfəyə qədər artırılması ən mühüm vəzifə kimi qarşıda qoyulmuşdur.
Bu gün böyük razılıq hissi ilə demək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin pensiyaçılar arasındakı yoxsulluğun sürətlə azaldılması və 2007-2008-ci illər ərzində pensiyaların baza hissəsinin yaşayış minimumuna çatdırılması barədə tapşırığının icrasına müvafiq strukturlar, xüsusi ilə də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən çox operativ yanaşılmış və həm dövlət büdcəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin tərtibi zamanı bu amil prioritet istiqamətlərdən biri kimi nəzərə alınmışdır. Təkcə bu məsələyə görə gələn ilin dövlət büdcəsini sosial yönlü büdcə adlandırmaq mümkündür. Əsas məsələ sosial sahəyə ayrılan vəsaitlərin büdcənin ümumi xərclərində hansı xüsusi çəkiyə malik olması yox, fikrimizcə, həmin vəsaitlərin hansı qlobal məsələlərin həllinə yönəlməsidir.
Ümumiyyətlə, pensiya sığorta sistemi üzrə bu gün həyata keçirilən siyasət, yəni pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda təmin edilməsi siyasəti artıq öz bəhərlərini verməkdədir. Hər kəsə məlumdur ki, pensiya islahatları uzun bir dövrü əhatə edən permanent xarakteri daşıyan islahatlardır və bu zaman nəzərdə tutulan təbəqələr hissə-hissə reallaşdırmaqla ölkədə vahid, dövlət tərəfindən tənzimlənə bilən və eyni zamanda, bazar iqtisadiyyatının prinsiplərinə cavab verən bir sistemin qurulmasına gətirib çıxarmalıdır. Bu baxımdan 2007-ci il də istisna təşkil etməyəcəkdir.
Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsinin layihəsi tərtib edilərkən ölkənin sosial-iqtisadi inkişafı üzrə bütün parametrlər, 2006-cı ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icra vəziyyəti, bu ilə gözlənilən nəticələr, eləcə də aşağıdakı 3 blok üzrə proqnozlaşdırılan dəyişikliklər və göstəricilər nəzərə alınmışdır. Bunlardan birincisi məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və onlar arasındakı yoxsulluq həddinin azaldılmasıdır. İkinci isə pensiya sisteminin perspektiv inkişafının təmin edilməsidir.
Qeyd olunanlarla əlaqədar ilk növbədə diqqətinizə ölkəmizdə vahid sığorta pensiya sisteminin qurulması zəruriliyi ilə bağlı məqamları çatdırmaq istərdim. Bu, birinci növbədə əmək pensiyaları ilə əhatə olunmayan şəxslərin hazırda sığorta pensiya sisteminin üstünlüklərindən istifadə etməməsi ilə bağlıdır. Ölkədə müəyyən qrup çalışanlar, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ictimai həyatın müxtəlif sahələrində çalışan insanlar vardır ki, onlar bu gün məcburi dövlət sosial sığortası ilə əhatə olunmadıqları üçün gələcək sığorta pensiyasının üstünlüklərindən istifadə edə bilməyəcəklər. Onlar ilk növbədə hərbi qulluqçulardır. Ölkəmizin müxtəlif hərbi orqanlarında çalışan müəyyən sayda hərbi qulluqçuların əmək haqları bu gün "Sosial sığorta haqqında" Qanuna görə məcburi dövlət sosial sığortasına cəlb olunmur. Nəticədə gələcəkdə toplanmış sosial sığorta haqlarının ümumi məbləği ildən-ilə inflyasiya faizinə vurularaq indeksasiya edilir. Böyük məbləğdə pensiyaların təyin edilməsi sistemində vəziyyət əgər belə davam edərsə, hərbi qulluqçular kənarda qala bilərlər. Bunu nəzərə alaraq, eləcə də 2003-cü il avqustun 4-də ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanmış Pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında qanuna uyğun olaraq ölkədə vahid pensiya sığorta sisteminin yaradılması əsas məsələ kimi qarşıya qoyulmuşdur. Artıq üç ildən sonra, yəni 2006-cı ildə bunun reallaşdırılması imkanları üzə çıxmışdır.
İkinci məsələ natamam hərbi xidmət müddətinə malik vətəndaşların əmək pensiyası hüquqlarının təmin olunmasında problemlərin mövcudluğu ilə bağlıdır. Eyni dövrdə əmək fəaliyyətinə başlamış hərbi qulluqçu ilə mülki işçinin pensiya təminatında fərq olur. Müəyyən dövrdən sonra hərbi qulluqçu pensiyası almaq üçün tələb olunan stajı toplamadan hərbi qulluqdan tərxis olunan şəxslərin həmin dövrdə əmək haqları sosial sığortaya cəlb olunmadığı üçün həmin dövr sonradan mülki işlərdə çalışan zaman toplanan vəsaitlərin azlığı baxımından itirilmiş illər sayılır. Ona görə də həmin şəxslərin məcburi dövlət sosial sığortasına bütün fəaliyyəti boyu cəlb olunması əsas məsələlərdən biri kimi qarşıda durur.
Nəhayət, ikinci məsələ dövlətin hərbi xərclərinin ümumi məbləği müəyyən olunarkən hərbi fəaliyyətlə heç bir əlaqəsi olmayan hərbi pensiyaların ümumi məbləğinin hərbi xərclərin tərkibinə keçirilməsi ölkənin hərbi xərclərinin süni olaraq artırılması deməkdir. Ona görə də hərbi pensiyaların ödənişi ilə bağlı məbləğlərin hərbi xərclərin tərkibindən çıxarılaraq ölkədə bu prosesləri tənzimləyən və vahid idarəetməni həyata keçirən bir mərkəzi icra hakimiyyəti orqanında toplanması vacib idi. Ölkə Prezidenti tərəfindən bu barədə siyasi qərar qəbul edilərək müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilməsi təklif olunmuş və bu da 2007-ci ilin Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapmışdır. Qeyd olunan sahədə beynəlxalq təcrübə öyrənilməlidir. Qanunvericiliyə dəyişikliklər təklif olunmuşdur ki, həmin dəyişikliklərin qəbulu nəticəsində əhalinin pensiya təminatında vahid sistemin yaradılması təmin olunacaq və hərbi qulluqçuların və dövlət qulluqçularının pensiya təminatı məsələlərinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməsinə, hərbi qulluqçuların məcburi dövlət sosial sığortaya cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına keçiriləcəkdir.
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və onların arasında yoxsulluğun azaldılması tədbirləri qrupuna isə aşağıdakılar daxil edilmişdir. Əmək pensiyalarının baza hissəsinin 2007-ci il yanvarın 1-də 40 manata, 2007-ci il iyulun 1-də 45 manata qaldırılması, sığorta hissəsinin isə ilin əvvəlində təqribən 10 faizə qədər artırılması və pensiyaların orta aylıq məbləğinin 2007-ci ildə 56 manata və ya 60 dolların üzərinə qaldırılmasıdır. Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə hesablanan əlavənin məbləğinin, yaşa görə əmək pensiyasının baza hissəsinin 30 faizindən 80 faizə kimi qaldırılması nəzərdə tutulur. Bu tədbir nəticəsində 15 min nəfərə yaxın şəhid ailəsi üzvlərinin əmək pensiyasının məbləği orta hesabla 21 min manat artacaqdır. Bu məqsədlərə 2007-ci ildə orta hesabla 3,8 milyon vəsait yönəldiləcəkdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına qoyulan məhdudiyyətin aradan qaldırılması bu blokun üçüncü məsələsi kimi nəzərdə tutulur. Bu tədbir nəticəsində pensiyaya çıxan vətəndaşların qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində tətbiq olunan pensiya hesablamaları üçün orta aylıq əmək haqqının 3 misli miqdarında, yəni 51 manatlıq məhdudiyyətin tətbiqi aradan qaldırılacaq. Pensiyalar əmək haqqının tam məbləğindən hesablanacaq. Bu məsələ işləyən pensiyaçılara onların pensiyalarının tam məbləğdə verilməsi ilə bağlıdır. Yeni qanunvericiliyə görə işləyən pensiyaçıya yaşa görə əmək pensiyasının təkcə baza hissəsi deyil, artıq yeni ildən başlayaraq sığorta hissəsi də tam məbləğdə ödəniləcəkdir. İşlədikləri müddətdə onların ödədikləri sosial sığorta haqlarının fərdi uçotu aparılması davam etdiriləcək. Onlar işi dayandırdıqda hesablarında toplanmış sosial sığorta haqlarının məbləği yenidən müvafiq rəqəmə bölünərək onların aldıqları pensiyanın üzərinə əlavə ediləcəkdir. Hazırda qulluq stajına görə pensiya alan şəxslər işlədikdə bu əlavənin 50 faizini alırlar. Təklif olunan dəyişikliyə görə həmin şəxslər digər işlərdə, yəni mülki işlərin digər qolunda çalışdıqda, müəllimlik, həkimlik, kommersiya fəaliyyəti ilə, digər sahələrdə məşğul olduqda artıq bu əlavəni tam məbləğdə alacaqlar.
Digər bir dəyişiklik 18 yaşına çatanadək əlil olmuş 18 yaşdan yuxarı şəxslərin ailə başçısını itirməyə görə ödənilən pensiya hüququnun təkcə I və II qrup əlillərə deyil, bütün qruplardan, yəni həm də III qrupdan olan əlillərə şamil edilməsidir. Nəhayət, daha bir dəyişiklik, müharibə əlillərinin yaşa görə əmək pensiyasının baza hissəsinin üzərinə hesablanan əlavələr əvvəllər hərbi qulluqçu olmuş şəxsin sonradan hər hansı xəstəlik nəticəsində baş verən əlilliyinə də şamil ediləcəkdir. Qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququ olan vəfat etmiş deputatların ailə üzvlərinin siyahısına sabiq deputatlar da aid ediləcəkdir. Bildiyiniz kimi, hazırda yalnız fəaliyyətdə olan və pensiyaya çıxmış deputatların ailələri bu hüquqlardan istifadə edə bilirdilər. Qulluq stajına görə əmək pensiyasına əlavə alan şəxslər sferasına təkcə pensiya yaşına çatmış şəxslər deyil, həmçinin bu yaşa çatanadək əlil olmuş şəxslər də aid ediləcəkdir. Artıq komissiyada da bu barədə məlumat verdim, artıq sabiq deputatlardan ikisi əlilliyə görə onlara deputat pensiyası təyin olunması üçün bizə müraciət etmişdir. Yəqin ki, yeni ildən bu qanun qəbul edildikdən sonra onlara belə bir pensiyanı təyin etməyə başlayacağıq.
Müzakirənizə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcə layihəsinin ümumi parametrləri barədə danışmazdan əvvəl fondun 2006-cı il büdcəsinin 10 aylıq icrası və ilin sonunadək nəticələr haqqında da qısa məlumat vermək istərdim. Dövlət Sosial Müdafiə Fondunun 2006-cı ilin yanvar-oktyabr aylarında gəlirləri 465,9 milyon manat təşkil etmişdir ki, bu da keçən ilə nisbətən 63 milyon manat və yaxud 15,6 faiz çoxdur. Gəlirlərin 7,8 faizi və ya 330 milyon manatı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payına düşür. Məcburi dövlət sosial sığorta haqlarının 107 milyon manatı büdcə təşkilatları, 320 milyon manatı isə qeyri-büdcə təşkilatları tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Qeyri-büdcə təşkilatları tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 107,5 faiz icra olunmuşdur.
Cari ilin 10 ayı ərzində dövlət büdcəsindən ayırmalar, yəni transfert proqnozda nəzərdə tutulduğu qədər fondun hesabına köçürülmüşdür. Daxilolmaların fondun hesablarına bu səviyyədə köçürülməsi bütün pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan yaratmışdır. 10 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 451 manat təşkil etmişdir ki, bunun da 94,6 faizi və ya 427 milyon manatı ödənişlərin payına düşür. Əhaliyə ödənişlərin 415 milyon manatını pensiyaların, 11,7 milyon manatını isə müavinətlərin ödənişi təşkil etmişdir. Pensiyaların orta aylıq məbləği ilin əvvəlindəki 29,8 manatdan hazırda 42,2 manata çatmışdır. Digər xərclər isə 24,3 milyon manat təşkil etmişdir.
2006-cı ilin sonunda Dövlət Sosial Müdafiə Fondunun gəlir proqnozları artıqlaması ilə icra olunacaqdır ki, bu da nəzərdə tutulmuş xərclərin tam maliyyələşdirilməsini təmin edəcəkdir. Başqa sözlə desək, dekabr ayının 20-nə qədər ölkə üzrə cari ilin bütün pensiya və müavinətlərinin maliyyələşdirilməsini başa çatdırmağı nəzərdə tutmuşuq. Proqnozlara görə növbəti ilin 1 yanvarına fondun profisiti təqribən 40 milyon səviyyəsində olacaqdır.
Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsinin gəlir və xərcləri barədə məlumata keçməzdən əvvəl bir məsələni də diqqətinizə çatdırmaq istəyərdim. 2007-ci il fondun büdcəsinin, eləcə də pensiya və müavinətlərin qaldırılması sahəsində dönüş ili olacaqdır. Belə ki fondun büdcəsinin artımı 2006-cı ilə nisbətən 56,3 faiz təşkil edəcəkdir. Fondun mövcud olduğu müddət ərzində onun büdcəsinin 1 il ərzində belə böyük artımı müşahidə edilməmişdir. Son illər ərzində ən böyük artım 1999-cu ildə olmuşdur. Həmin il ərzində fondun büdcəsi cəmi 22,9 faiz artmışdır. Siz müvafiq siyahılara baxsanız, bu məlumatı görərsiniz. Bundan sonrakı, yəni 2008, 2009, 2010-cu illərdə artım 2007-ci ildəki qədər olmayacaqdır. Artım tempi nisbətən azalacaqdır, çünki rəqəmlər böyüyəcəkdir.
Ümumilikdə, fondun 2007-ci il üçün gəlirləri 920,2 manat proqnozlaşdırılır. Bu da 2006-cı ilin təsdiq olunmuş gəlir proqnozlarına nisbətən 330,7 milyon manat və yaxud 56,2 faiz çoxdur. 2007-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 72,9 faizinin və ya 670,7 manatının məcburi dövlət sosial haqları hesabına, 26,7 faizinin, yaxud 248,3 milyon manatının isə dövlət büdcəsindən ayırmalar hesabına formalaşacağı nəzərdə tutulur. Məlumat üçün bildirim ki, 2006-cı ildə həmin gəlirlər 71,6 faiz olmuşdur. Fondun gəlirlərinin 1,22 milyon manatı onun sair gəlirləri hesabına formalaşacaqdır. Sair gəlirlər bu gün reallaşdırılan sanator-kurort yollayışlarının dəyərinin 15 faizinin vətəndaşlar tərəfindən ödənilməsi nəticəsində toplanan vəsaitlər, eləcə də əvvəlki illərdə verilmiş kreditlərdən geri qaytarılan məbləğlər hesabına formalaşacaqdır.
2007-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların ümumi daxili məhsula nisbəti 6,6 faiz təşkil edəcəkdir ki, bu da 2006-cı ilin təsdiq olunmuş göstəricisindən 1,5 bənd yuxarıdır. Növbəti ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 2006-cı ilə nisbətən 58,9 faiz, yaxud 248,7 milyon manat çox olacağı nəzərdə tutulur. Artımın 70 milyon manatı növbəti ildən hərbi qulluqçuların məcburi dövlət sığortasına cəlb edilməsi ilə əlaqədardırsa, qalan hissəsi, yəni 37,9 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. 2007-ci ildə qeyri-büdcə təşkilatları tərəfindən ödəniləcək məcburi sosial sığorta haqları ümumi proqnozun 542,6 faizini təşkil edəcəkdir. Qeyd etmək lazımdır ki, 2007-ci ildə qeyri-büdcə təşkilatlarının məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artım sürəti orta aylıq əmək haqqının artım sürətini 11,6 bənd üstələyir. Başqa sözlə desək, vəsaitlərin daxil olmasındakı ümumi artımın 11,6 bəndini keçməsi yığım əmsalının qaldırılması hesabına təmin ediləcəkdir. 2007-ci ildə dövlət büdcəsindən ayırmaların payı fondun büdcə gəlirlərinin formalaşmasında 2006-cı ilə nisbətən 1,35 bənd aşağı düşəcəkdir. Növbəti ildə dövlət büdcəsindən ayırmaların pensiyanın baza hissəsinin maliyyələşdirilməsindəki payı 37,4 faiz proqnozlaşdırılır ki, bu da 2006-cı ildə nəzərdə tutulmuş göstəriciyə nisbətən 0,6 bənd aşağıdır.
2007-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 920,2 milyon manat proqnozlaşdırılır ki, bu da əvvəlki ilə nisbətən 56,2 faiz çoxdur. 2007-ci ildə xərclərin 94,5 faizini əhaliyə ödənişlər təşkil edəcəkdir ki, bunun da 94,3 faizi əmək pensiyaları, 2,7 faizi isə müavinətlər üzrə ödənişlərdir. Növbəti ildə əhaliyə ödənişlər üzrə xərclər 870 milyon manat proqnozlaşdırılır ki, bu da 2006-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 330,7 milyon manat və ya 56,1 faiz çoxdur. Artımın strukturu aşağıdakı kimidir.
Pensiyaların baza hissəsinin artımına 172,2 milyon manat, yeni təyin olunacaq pensiyaların baza hissəsinə 8 milyon manat, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinə 9 milyon manat, hərbi qulluqçuların pensiya təyinatı xərclərinə 99 milyon manat, qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə xərclərə 42,5 milyon manat yönəldiləcək. 2007-ci ildə əhaliyə ödənişlər üzrə xərclərin 77,1 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə maliyyələşdirilməsi proqnozlaşdırılır ki, bu da 2006-cı ilin büdcəsinə nisbətən 0,7 bənd yuxarıdır. 2007-ci ildə əhaliyə ödənişlərin qeyri-neft ümumi daxili məhsula nisbəti 8,5 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki ilə nisbətən 1,8 bənd yüksəkdir.
Növbəti ildə əmək pensiyası üzrə xərclər 846,9 milyon manat nəzərdə tutulur ki, bunun da 78,4 faizi və yaxud 664,2 milyon manatı pensiyaların baza hissəsinin 22,6 faizi və ya 182,7 milyon manatı isə pensiyaların sığorta hissəsinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. 2007-ci ildə yaşa görə əmək pensiyasının baza hissəsinin yanvar ayından 40 manata, iyul ayından isə 45 manata çatdırılması nəzərdə tutulur. Orta hesabla 2007-ci ildə minimum pensiya 2006-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 41,7 faiz artaraq 42,5 manat təşkil edəcəkdir ki, bu da 2006-cı ilin müvafiq göstəricisindən 12,5 manat çoxdur. Göründüyü kimi, bu, “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğu kimi, ölkədə proqnozlaşdırılan inflyasiya səviyyəsi təqribən 4 dəfəyə yaxın üstələyir. Lakin bəzi kateqoriyaya aid pensiyaçılar üzrə pensiyanın baza hissəsi güzəştli olmayan pensiyaçılara nisbətən daha çox artacaq. Belə ki, əlilliyə görə pensiya alan I qrup gözdən əlillər üzrə pensiyanın baza hissəsi 25 manat artaraq 85 manata, əlilliyə görə əmək pensiyası alan I qrup əlillər üzrə 15 manat artaraq 51 manata çatacaqdır.
Bununla yanaşı, 2007-ci ildə əmək pensiyasının baza hissəsinə əlavə almaq hüququ olan şəxslərin pensiyaları 2006-cı ilə nisbətən daha çox artacaqdır. Belə ki, əmək pensiyasının baza hissəsinə əlavələrə görə pensiyanın artımı Azərbaycan Respublikası Milli qəhrəmanların ailə üzvlərinə 25 manat, şəhid ailələrinin üzvlərinə 37,5 manat, yaşa görə əmək pensiyası alan I qrup müharibə əlilləri üzrə 25 manat, II qrupa 21,3 manat, III qrupa 178,8 manat, I qrup əlillərə qulluq üçün siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə, eləcə də döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 13,8 manat təşkil edəcəkdir. Bütövlükdə 2007-ci ildə əmək pensiyasının baza hissəsinə əlavələrin maliyyələşdirilməsinə 15,7 milyon manat vəsait yönəldiləcək. 2007-ci ildə bir pensiyaçıya düşən pensiyanın sığorta hissəsinin 2006-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 91,9 faiz artacağı nəzərdə tutulub ki, bu da hərbçilərin sosial sığortaya cəlb olunması ilə bağlıdır.
2007-ci ildə orta aylıq pensiyanın məbləği 56 manat proqnozlaşdırılır ki, bu da 2006-cı ilin proqnozuna nisbətən yüksəkdir. Orta aylıq pensiya orta aylıq əmək haqqının 27,8 faizini təşkil edəcəkdir ki, bu da 2006-cı ilin proqnozuna nisbətən 5 bənd yuxarıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Avropa Sosial Xartiyasının müəyyən maddələrinə imza atmışdır və həmin maddələrdən biri də orta aylıq pensiyanın məbləğinin orta aylıq əmək haqqına nisbətən 40 faizə çatdırılmasıdır. Gördüyünüz kimi, növbəti illərdə bunun addım-addım reallaşması baş verəcəkdir. Bu baxımdan 2007-ci il də dönüş ili olacaqdır.
Demoqrafik amillərin sığorta pensiya sisteminin maliyyə dayanıqlığına və büdcə göstəricisinə təsiri çox böyükdür. Növbəti ildə əmək pensiyaçılarının sayının 5,97 faiz və ya 71,4 min nəfər artaraq 1 milyon 265,9 min nəfərə çatacağı proqnozlaşdırılır. Bu artım hərbi pensiyaçılar istisna olmaqla təqribən 2,6 faiz təşkil edəcəkdir. Aktual hesablamalarımız göstərir ki, sonrakı illərdə pensiyaçıların sayının artımı daha da sürətlənəcəkdir. Bu, Böyük vətən müharibəsindən, doğumun aşağı düşdüyü illərdən sonra ölkədə həm kişilər, həm də qadınlar arasında doğulanların sayının sürətinin artması ilə bağlıdır. Əgər bu gün pensiyaya çıxanlar 1944-cü ildə doğulmuş kişilər və 1949-cu ildə doğulmuş qadınlardırsa, onların sayı cəmi 58 min nəfərdirsə, gələn il, yəni 2007-ci ildə 1945-ci ildə doğulmuş kişilər və 1950-ci ildə doğulmuş qadınlar pensiyaya çıxacaqlar ki, onların sayı artıq 63,8 min nəfərdir. 2008-ci ildə 1946-cı ildə doğulmuş kişilər və 1951-ci ildə doğulmuş qadınlar pensiyaya çıxacaqlar ki, onların sayı artıq 81 min nəfər olacaqdır. 2009-cu ildə bu say 92,6 min nəfərə, 2010-cu ildə 90 min nəfərə, 2011-ci ildə isə 100 min nəfərə çatacaqdır.
Göründüyü kimi, növbəti illərdə Dövlət Sosial Müdafiə Fondunun pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi sahəsində böyük problemlər durur. Onların təmini üçün ölkədə əhalinin bütün təbəqələrinin sığorta haqlarına cəlb olunması və yığım əmsalının sürətlə qaldırılması çox vacibdir. Bu baxımdan Dövlət Sosial Sığorta Fondu tərəfindən fərdi uçot sisteminin qurulması və başa çatdırılması prosesi sürətlə aparılır. Bu günə qədər artıq 1 milyon 100 min nəfərdən çox işləyənlərə sosial sığorta kartlarının verilməsi təmin edilmişdir. Bu da qeydiyyatda olan sosial sığorta ödəyicilərinin təqribən dörddə üç hissəsindən yuxarıdır. 2007-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin məbləği 23,14 milyon manat təşkil edəcəkdir. Bu məbləğin 35,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin, 24,5 faizi hamiləlik və doğuma görə müavinətin, 16,6 faizi isə dəfn üçün müavinətin payına düşür.
2007-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 50,2 milyon manat təşkil edəcəkdir ki, bu da 2006-cı ilə nisbətən 13,4 milyon manat və ya 36,3 faiz çoxdur. Növbəti ildə sığorta olunanların sanator-kurort mühafizəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərə 7,8 milyon manat, məşğulluq tədbirlərinə 5,1 milyon manat, əlillərin sosial müdafiəsi tədbirlərinə 11,3 milyon manat, miqrasiya orqanlarının saxlanması xərclərinə isə 70 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanması xərclərinin artımı, əsasən, əlillər üçün mənzillərin tikintisinin sürətləndirilməsi ilə bağlıdır. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq Yevlaxda, Xaçmazda əlillər üçün bərpa mərkəzlərinin, Tovuzda 36 mənzilli dördmərtəbəli, Qəbələdə 16 mənzilli ikimərtəbəli binaların tikintisinə vəsait nəzərdə tutulmuşdur. Eyni zamanda, Çernobıl əlilləri üçün ixtisaslaşdırılmış bərpa mərkəzinin yaradılmasına, Bakı şəhərində 81 mənzilli doqquzmərtəbəli, Zaqatala və Şamaxı rayonlarında 36 mənzilli dördmərtəbəli və 16 mənzilli ikimərtəbəli binaların, kənd yerlərində isə fərdi yaşayış evlərinin tikintisinə vəsaitin ayrılması nəzərdə tutulur.
Məşğulluq tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin artımı Azərbaycan Respublikasının məşğulluq strategiyasında nəzərdə tutulmuş tədbirlərdən irəli gəlmişdir. Dövlət Sosial Müdafiə Fondu orqanlarının saxlanılması xərclərinin artımı ilk növbədə dövlət qulluqçularının əmək haqlarında nəzərdə tutulmuş artımla bağlıdır. Bu xərclər bütün xərclərimizin 1,46 faizini təşkil edəcəkdir ki, bu artım da 2006-cı illə müqayisədə cəmi 0,02 bənd yüksəkdir. Məlumat üçün bildirmək istəyirəm ki, bu göstərici 2006-cı ildə Rusiya Federasiyasında və Moldovada 2,4 faiz, Litvada 2,9 faiz, Ukraynada 2,5 faiz təşkil etmişdir.
Hörmətli millət vəkilləri! Ümidvaram ki, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcə layihəsinin qəbulu ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması, pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi sığorta pensiya sisteminin perspektiv inkişafını təmin edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Milli Məclis artıq bir neçə iclasdır ki, ölkənin ali sosial-iqtisadi və maliyyə qanununu müzakirə, mədaxil proqnozlarını təhlil edir, xərcin prioritetlərini dəqiqləşdirir, qarşıdakı perspektivləri müəyyənləşdirir. Çıxış edən 60-dan çox həmkarım büdcəni çox yüksək qiymətləndirmiş, onun sosial yönümlü və investisiya tutumlu olduğunu vurğulamışlar. Hökumət üzvləri suallara cavab verirlər. Tənqidi qeydlərə münasibət bildirilir, büdcənin ehtiyat mənbələri üzə çıxarılır, xalqın mənafeyinə xidmət edəcək yeni yollar araşdırılır. Bu bir daha Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin dövlət quruculuğunda hökumət-parlament dialoqunun qarşılıqlı faydalı əməkdaşlığının bariz nümunəsidir.
Əhalinin və xüsusən də onun aztəminatlı hissəsinin sosial problemlərinin həlli daim möhtərəm Prezidentimizin diqqət mərkəzindədir, bu sahədə faydalı iş aparılır. Təsadüfi deyil ki, parlamentin ilk payız iclasında möhtərəm Prezidentimiz bir daha bu məsələlərə diqqət yetirdi və deputatları aztəminatlı adamların müdafiəsinə xüsusi diqqət yetirməyə çağırdı. Pensiya ödənişlərinin dəyişilməsi, pensiyanın, sosial sığortanın fərdi uçotu və bir sıra mütərəqqi addımlar ulu öndərimiz Heydər Əliyevin diqqət mərkəzində idi və onun uzaqgörənliyindən xəbər verirdi. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasının icrası ötən illərdə çox uğurla həyata keçirilməyə başlamışdır.
Mövcud sosial-müdafiə sisteminin bazar iqtisadiyyatının sosial-iqtisadi mühitinə uyğunlaşdırmaqla keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sistemində beynəlxalq normalara və Avropa təcrübəsinə əsaslanan islahatların aparılması sosial siyasətin strateji xətti kimi müəyyənləşdirilmişdir. 2006-cı ildən ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni sığorta pensiya sistemi fəaliyyət göstərməyə başlamışdır. Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üçün büdcə layihəsində məcburi dövlət sığorta sistemində fərdi uçotun yekunlaşdırılması və əhalinin pensiya təminatında vahid sistemin yaradılması, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və onlar arasında yoxsulluğun azaldılması, sığorta pensiya sisteminin perspektiv inkişafı məsələləri prioritet olaraq qarşıya qoyulur. Bu baxımdan möhtərəm Prezidentimiz tərəfindən qanunvericilik təşəbbüsü əsasında Milli Məclisin müzakirəsinə təqdim olunan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi özünün maliyyə tutumuna, sosial məqsədlər üçün ayırmaların həcminə və digər bəzi müsbət dəyişikliklərinə görə xüsusən xarakterikdir.
2007-ci ildə nəzərdə tutulan dövlət büdcəsinin paket qanun layihələrinə daxil olan bu qanun layihəsinin əvvəlki illərdəki müvafiq qanunlardan fərqi hərbi qulluqçuların pensiya təminatının da məhz büdcədə nəzərdə tutulması və həmin qrup əhalinin pensiya təminatının da Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmasının ehtiva olunması ilə əlamətdardır. Fondun sədri hörmətli cənab Səlim Müslümov Milli Məclisin deputatları qarşısında büdcənin əsas məziyyətləri, rəqəmləri haqqında geniş danışdı. Qeyd etmək istəyirəm ki, ilk dəfə büdcəyə illüstrə olunmuş geniş, ətraflı materiallar da verildi. Bu da bizim büdcəni həm öyrənməyimizə, həm də müdafiə və təhlil etməyimizə kömək etmişdir. Bu gün bəzi rəqəmləri təkrar etmək məcburiyyətində qalıram. Bu rəqəmlərin əhəmiyyətli tərəfini xüsusi vurğulamaq istəyirəm.
Birinci məsələ odur ki, 2007-ci ilin büdcəsi 2006-cı ilin büdcəsindən 56,1 faiz çoxdur. Bu çox böyük, inqilabi göstəricidir. Bu göstəricilərin içərisində hərbi qulluqçuların pensiya təminatı ilə bağlı rəqəmlərin olmasına baxmayaraq, bütövlükdə Dövlət Sosial Müdafiə Fondunun inkişafından xəbər verir. Bu fondun gəlirlərinin 73 faizini məhz məcburi dövlət sığorta haqları, 27 faizini isə dövlət büdcəsindən transfert təşkil edir. Çox cüzi bir məbləği isə sanator-kurort xidmətləri ilə bağlı daxilolmalar təşkil edir. Bütövlükdə onu qeyd eləmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun ilbəil apardığı siyasətin əsas istiqaməti ondan ibarətdir ki, gələcəkdə Dövlət Sosial Müdafiə Fondu sərbəst, özünü maliyyələşdirən quruma çevrilsin və dövlət büdcəsindən maliyyələşdirilmə azalsın. Həmin istiqamət özünü builki büdcədə də göstərir. 2007-ci ilin büdcəsində bu maliyyələşdirmə 2 faizə qədər azaldılıb.
Növbəti ildə məcburi sosial sığorta haqları üzrə daxilolmaların nisbəti əvvəlki ilə nisbətən təxminən 60 faiz çoxdur. Mən rəqəmlərlə sizi yormaq istəmirəm, çünki bu rəqəmlər layihədə göstərilib. Amma çox maraqlı və sosial müdafiəni gücləndirən bir sıra addımlar atılıbdır ki, mən istəyirəm, deputatlarımız bunları bilsinlər. Məsələn, əlilliyə görə pensiya alan I qrup gözdən əlillər üzrə pensiyanın baza hissəsi 25 manat artaraq 85 manat təşkil edəcək. Əlilliyə görə II qrup əlillərin pensiyası 15 manat artaraq 51 manat olacaqdır. Bilirsiniz ki, şəhid ailələri ilə bağlı çoxlu söhbətlər gedir. Şəhid ailəsinə pensiyanın baza hissəsinin 80 faizi həcmində əlavə vəsait veriləcək. Bunlar hamısı, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gərginlik yaradır. Dövlət Sosial Müdafiə Fondu büdcəsinin artması hesabına həmin əlavələr, ödənclər veriləcəkdir.
Mən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindəki bəzi müsbət məqamları xüsusi vurğulamaq istəyirəm. Bunlar komissiyamızda da qeyd olundu. Birinci çox çətin bir məsələ, işləyənlər bunu yaxşı bilirlər, fərdi uçotun təşkili ölkəmizdə artıq başa çatmaq üzrədir. 2006-cı ildən başlayaraq pensiyalar bu sistem üzrə verilir. Bu, pensiya islahatlarının ən önəmli addımlarından biridir.
İkinci, rayonlarda işləyənlər bilirlər ki, arxivlərdə olan kağızlar köhnəlmiş, saralmışdır. Həmin arxivlər bu gün disketlərə keçirilib, bu gün Dövlət Sosial Müdafiə Fondunun kompüter yaddaşında var. Hər bir adam pensiya ilə bağlı məlumatı həmin mərkəzdən ala bilər. Bu çox çətin, ağır və uzunmüddətli fəaliyyət növüdür. Bunu Dövlət Sosial Müdafiə Fondu başa çatdırıb. Ödənişlərin kredit kartı vasitəsi ilə ödənilməsi artıq başa çatmaq üzrədir. Bu iş şəhərlərdə artıq yekunlaşdırılıb. Digər sahələrdə bu iş gedir.
Mən xüsusi vurğulamaq istəyirəm ki, beynəlxalq əməkdaşlıq sahəsində çox böyük, ardıcıl işlər görülür. Bu da pensiya islahatlarının aparılmasına, yeni təşəbbüslərin meydana gəlməsinə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Ən vacib məsələlərdən biri də budur ki, yığım əmsalı ilbəil artır. Amma mən onu da qeyd etmək istəyirəm ki, komissiyaların birgə iclasında biz burada olan böyük ehtiyat mənbələrini göstərdik. Bu yığımı daha da artırmaq Dövlət Sosial Müdafiə Fondunun imkanları və bacarığı daxilindədir. Heç kim üçün sirr deyil ki, bu gün bir sıra müəssisələrdə çalışanlar sosial sığorta sistemində uçota durmayıblar. Bunun hesabına biz hər ay, hər il külli miqdarda sığorta vəsaitini itiririk. Mən hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondu bu sahədə ardıcıl iş aparmalıdır. Bu işdə onlara işəgötürənlər və digər sistemlər yaxından kömək etməlidirlər.
Başqa bir məsələyə komissiyaların üzvləri xüsusi diqqətlə yanaşdılar. Dünyada qəbul olunmuş məsələlərdən biri də işçilərin sağlamlığının sanator-kurort müalicəsinin təşkil olunmasıdır. Nədənsə, biz bu sahəni həmişə unuduruq, xəstələnəndən sonra insanların müalicəsinə daha çox vəsait xərcləyirik. Bu baxımdan hesab olundu ki, biz Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələr apardıq. Nəzərdə tutduq ki, həmin büdcənin daxilində sanator-kurort məqsədləri üçün Həmkarlar İttifaqları Konfederasiyasına ayrılan vəsaitin məbləği hiss olunan dərəcədə artırılsın. Bu həm dövlət qulluqçularının, həm deputatların, həm də vətəndaşların sağlamlığının bərpası ilə bağlı məsələdir. Çox təəssüf ki, biz həmişə nəticəyə daha çox fikir veririk. Xəstələnəndən sonra adamla daha çox məşğul oluruq, nəinki insanların sağlamlığının qorunması ilə. Bu məsələlərdə, hesab edirik ki, büdcəyə müəyyən dəyişiklik edilməsi vacibdir. Hörmətli Sədrimiz Oqtay müəllim bayaq bunu qeyd etdi.
Oqtay müəllim, icazə versəniz, həm 11-ci, həm də 12-ci məsələ ilə bağlı məlumat verərdim.
Yerdən. Buyurun.
H. Rəcəbli. Minnətdaram. Sizə paylanan sənədlərin içərisində gündəliyin 12-ci məsələsi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi ilə bağlıdır. Mən bu sənədin zəruriliyini bir neçə arqumentlə sizə çatdırmaq istəyirəm. “Əmək pensiyaları haqqında” Qanuna yenidən baxılması zərurəti nədən irəli gəlib? Birinci, yadınıza gəlirsə, uzun müddət Azərbaycanda vahid pensiya məcəlləsinin olması haqqında danışırdıq. Bu gün həmin sahədə bu pərakəndəlik var. Dövlət qulluqçularının bir pensiya təminatı ilə bağlı qanun, deputatlara, vətəndaşlara bir başqa qanunla, hərbi qulluqçulara digər qanunla pensiya təyin olunur. Beləliklə, biz bu gün vahid pensiya qanununun hazırlanması nəticəsinə gəldik. Sağ olsunlar bunu hazırlayan yoldaşlar. Bu gün vahid bir qanunu – “Əmək pensiyaları haqqında” Qanunu bizim müzakirəmizə çıxarıblar. Bu ondan irəli gəlib ki, vahid bir qanunun hazırlanması zərurəti yaranıb.
İkinci, burada bir sıra prinsiplər və normalar vahid sistem halına gətirilir. Bu gün pensiya təminatı ilə bağlı vətəndaşlara aid bəzi normalar, eyni zamanda, dövlət qulluqçularına və hərbi qulluqçulara aid edilir. Məsələn, dəyişikliklər və əlavələr müxtəlif təbəqələrə verilən imtiyazların sistemləşdirilməsi məqsədi daşıyır.
Üçüncü məsələ fərdi uçotun bütün pensiya sisteminə tətbiq olunmasından ibarətdir. Siz yaxşı bilirsiniz ki, hərbi qulluqçular fərdi uçota götürülmürdülər. Bundan sonra hərbi qulluqçular da sosial sığortaya və fərdi uçota cəlb olunacaqlar. Əlbəttə, bu işlər dövlət büdcəsi hesabına aparılacaq.
Başqa bir dəyişiklik də nəzərdə tutulur. Ədliyyə işçiləri əvvəlki illərdə yaşa görə pensiya alırdılar. Qanuna edilən dəyişikliyə görə isə ədliyyə işçiləri üçün pensiya artıq həm yaşa, həm də xidmət illərinə görə hesablanacaq. Əvvəlki illərdə çətinlik var idi, indi bu, aradan qaldırılır.
Sabiq deputatlara əlilliyə görə pensiya hüququnun verilməsi də nəzərdə tutulur. İraq olsun, sabiq deputat xəstələnəndə yaşdan asılı olmayaraq əlilliyə görə pensiya hüququ yaranır. Əvvəlki qanuna görə pensiya yaşı çatanda pensiya almaq hüququ qazanırdı. Bayaq Səlim müəllim də dedi, artıq əlillik olanda da onun əlilliyə görə pensiya hüququ yaranır.
Mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu layihənin hazırlanmasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin işini xüsusi qeyd etmək istəyirəm. Həm şöbənin işçiləri, həm də komissiyanın bütün üzvləri layihədə bir sıra orfoqrafik, redaktə düzəlişləri etmişlər. Bu düzəlişlər həm Dövlət Sosial Müdafiə Fondu ilə, həm əlaqədar orqanlarla, həm də qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıbdır. Bunları oxuyub vaxt almaq istəmirəm. Bütün dəyişiklik və əlavələrin məqsədi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun daha işlək olsun, burada boşluqlar olmasın. Qanuna bəzi əlavələr, redaktə xarakterli dörd düzəliş, altı dəyişiklik edilib. Tamamilə yeni olan üç əlavə nəzərdə tutulubdur.
Bir mübahisəli məsələ haqqında sizə məlumat vermək istəyirəm. Bunu biz Səlim müəllimlə, Prezident Aparatı ilə razılaşdırdıq. İndiyə qədər vətəndaşlar üçün pensiya hesablanarkən bir məhdudiyyət var idi. Müəyyən rəqəmdən artıq pensiya hesablanmırdı. Belə olan təqdirdə, görün, nə böyük disproporsiya yaranırdı. Birinci, biz minimum pensiyaların həddini günü-gündən artırırdıq və ən yüksək həddən artıq heç kimə pensiya hesablanmasına icazə vermirdik. Belə olan təqdirdə müxtəlif qruplardan olan pensiyaçılar, demək olar ki, eyni məbləğdə pensiya alırdılar. Onda ədalətsizlik yaranırdı. İnsanlar da deyirdilər ki, mən illərlə işləmişəm, yüksək maaş almışam, digər adam heç işləməyib, ancaq yüksək pensiya alır. Beləliklə, həm fondun rəhbərliyi, həm də bizim komissiya təkid etdi və biz həmin məhdudiyyəti tamam götürdük. Belə olan təqdirdə artıq vətəndaşlar da dövlət qulluqçusu və ya deputat kimi əmək haqlarının 80–85 faizi qədər pensiya ala bilərlər. Əgər pensiyaya çıxan adamın bu gün əmək haqqı 500 manatdırsa, onun 80-85 faizi həcmində pensiya ala bilər. Əvvəlki illərdə isə bu, 50 manat həcmində olurdu. Bu məbləğdən artıq pensiya hesablanmasına qanunumuz icazə vermirdi. Bu qanunun ən böyük məziyyətlərindən biri həmin məhdudiyyətin götürülməsidir. Əhalinin sosial müdafiəsində bu çox əhəmiyyətli rol oynayacaq.
Oqtay müəllim, “Sosial sığorta haqqında” Qanunla bağlı əsas məsələyə deputatlar diqqət yetirdilər. Burada da biz sizə paylanan layihədən fərqli bir addım atdıq. Mən Oqtay müəllimə minnətdaram ki, bizi daim dəstəkləyir. Biz bəzi sənədlərə düzəlişlər edirik və bunlar da qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılır.
11-ci məsələ “Sosial sığorta haqqında” Qanunla bağlıdır. Qanunun 6-cı maddəsinin birinci hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə olunur: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay müddətində məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərdə yaranır. Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 15 mislindən artıq ola bilməz”. Bu halda biz adamların hüququnu pozurduq. Yəni xəstəlik vərəqi alana verilən müavinətin məbləği yüksək olurdusa, biz pensiyanın baza hissəsinin 15 mislindən artıq hissəni vermirdik. 2007-ci il yanvarın 1-dən bu olacaq 40 manat.
Bunun başqa səbəbləri də var. Səlim müəllim bunu bizim komissiyanın iclasında çox ətraflı izah etdi. Bu gün biz sosial sığortaya xarici şirkətləri də cəlb etmişik. Xarici şirkətlərdə çalışanların orta əmək haqqı 5 min dollar həcmindədir. Əgər biz bu addımı atıb məhdudiyyət qoymasaydıq, onda Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən külli miqdada vəsaitin dağılmasına şərait yaradardıq, eyni zamanda, simulyasiya şəraiti yarana bilərdi. Adamlar bilərəkdən xəstəlik vərəqi alarlar ki, külli miqdarda müavinət əldə etsinlər. Biz maraqlandıq, dünya təcrübəsində belə məhdudiyyət var. Biz razılaşdıq, Oqtay müəllimlə də bu gün məsləhətləşdik, həmin rəqəmi 15-dən 25-ə çatdırdıq, bu isə 40 manat, yəni minimum əmək haqqı minimum pensiyanın baza hissəsi qədər olacaq. Həmin məbləği 25-ə vuranda təxminən 1000 manat edir. Bizdə də adamların əmək haqqı bundan yuxarı deyil. Belə olanda vətəndaşlarımızın həm mənafeyini müdafiə edirik, həm də Dövlət Sosial Müdafiə Fondunun bəzi problemlərinin həllinə yardımçı oluruq. Hesab edirəm ki, bu, düzgün addımdır və bizim deputatların iradını müvafiq orqanlar qəbul etdilər və biz həmin addımı ürəklə ata bildik. Oqtay müəllim, mən hesab edirəm ki, bu layihələrdə edilən dəyişikliklər və əlavələr müsbət nəticələr verəcək və əhalinin sosial müdafiəsini gücləndirəcəkdir. Mən başa düşürəm ki, sosial qanunlar həmişə diskussiya, mübahisə mövzusu olur, sosial problemlər var. Bu baxımdan mən deputat həmkarlarımı konstruktiv müzakirəyə dəvət edirəm. Xahiş edirəm, hər üç layihəyə səs versinlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hadi müəllim qanun layihələri haqqında ətraflı məlumat verdi. Hər üç qanun layihəsi İqtisadi siyasət və Sosial siyasət daimi komissiyalarının birgə iclasında ətraflı müzakirə edilmişdir. Bundan əlavə, biz bu müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə bütün rəqəmlərlə əlaqədar məsləhətləşmələr aparmışıq. Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasında aparılan iqtisadi-sosial islahatların tələblərinə cavab verir. Sözün əsl mənasında etiraf edilməlidir ki, Azərbaycanda uğurla aparılan islahatlardan məhz biri də sosial sahədə aparılan islahatlardır. Bunu Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir mənbələri, xərclərinin istiqamətləri bir daha sübut edir. Mən bu məlumatlar haqqında ətraflı danışmaq fikrində deyiləm. Birmənalı şəkildə bizim komissiya Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üzrə büdcə layihəsini dəstəkləyir və deputatlardan xahiş edir ki, onu dəstəkləsinlər.
İkinci, “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi yenə də Sosial siyasət və İqtisadi siyasət daimi komissiyalarının iclaslarında ətraflı müzakirə olundu. Buradakı dəyişikliklər sosial sığortanın təkmilləşməsinə yönəlmişdir. Hadi müəllimin dediklərini mən təkrar etmək istəmirəm. Bu qanun layihəsinə də müsbət münasibət bildirilsin.
“Əmək pensiyaları haqqında” Qanun Azərbaycanın sosial-iqtisadi həyatında yeni bir məsələdir. Artıq “Əmək pensiyaları haqqında” Qanunun tətbiqi ilə əlaqədar xeyli işlər görülmüşdür. Lakin yaranmış şəraitdən asılı olaraq təqdim olunan dəyişikliklər və əlavələr qanunun daha da təkmilləşməsinə xidmət edir. Hadi müəllim bu barədə ətraflı məlumat verdi. Bizim prinsipial fikir ayrılığımız yoxdur. Qoyulan suallara Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ətraflı cavablar verdi. Biz də təklif olunan dəyişiklikləri qəbul edirik. Bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini deputatlardan xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, qanun layihəsinin müzakirəsinə keçirik. Dünən müzakirə zamanı millət vəkilləri tərəfindən təklif irəli sürüldü ki, müzakirələrdə çıxış üçün 10 dəqiqə əvəzinə 5 dəqiqə vaxt verilsin. Bəzi mətbuat orqanları deyirlər ki, Sədr söz verdi, etmədi, çıxışlar üçün 10 dəqiqə əvəzinə 5 dəqiqə vaxt verdi. Çıxışa 20-dən yuxarı yazılan var. Mən sual verirəm, nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, reqlamentin 5 dəqiqə olmasına münasibət bildirin. Xahiş edirəm, deputatlar səs versinlər. Deyəsən, ekran görünmür. Xahiş edirəm, bir də reqlamentə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 82
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, reqlament 5 dəqiqə qəbul edildi. Müzakirələrə keçirik. Məlahət xanım, Siz suala yazılmısınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
M.Həsənova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Səlim müəllim! Mən də Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsi ilə bağlı mükəmməl, hərtərəfli təqdimatınıza görə təşəkkürümü bildirirəm. 2007-ci ilin büdcə layihəsini dəstəkləyirəm və buna səs verəcəyəm, həmkarlarımı da səs verməyə dəvət edirəm. Mən Sosial siyasət daimi komissiyasının sədri Hadi müəllimə də təşəkkür edirəm ki, büdcə layihəsi ilə bağlı çox vacib məsələlərə toxundu və müəyyən problemləri açıqladı. Həqiqətən də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızda apardığı böyük quruculuq işləri içərisində əhalinin sosial müdafiəsi sahəsində də çox böyük uğurlar əldə olunub. Düşünürəm ki, sürətlə artan büdcəmiz gələcəkdə əhalinin sosial müdafiəsi sahəsindəki bütün problemləri həll edəcəkdir. Bu gün biz etiraf edirik ki, sosial müdafiə sahəsində hələ də problemlər var və qarşıdakı gələn illərdə bu problemlər həll olunacaqdır.
Hörmətli Səlim müəllimin təqdimatından sonra 3 sualım var. Həmin suallarla bağlı xahiş edərdim ki, münasibətini bildirsin. Təqdimatında bildirdi ki, 2007-ci ildə respublikamızın ayrı-ayrı rayonlarında şəhid ailələri, Qarabağ, Çernobıl əlilləri üçün mənzil şəraitinin yaxşılandırılması ilə bağlı fərdi evlər və ya digər evlər inşa olunacaqdır. Mənim sualım ondan ibarətdir ki, bu qrupdan olan əhali üçün evlərin tikintisi, ümumiyyətlə, mənzil sahəsinin yaxşılandırılması hansı prinsiplə keçirilir? Mənim təmsil olunduğum bölgənin, ümumiyyətlə, Qərb bölgəsinin ən böyük rayonlarından biri Şəmkir rayonudur. Rayonun 200 mindən çox əhalisi və 300-ə yaxın şəhid ailəsi var. Qarabağ, Çernobıl əlillərini də əlavə etsək, bu rəqəm daha çoxdur. Bu il hökumət hesabat verəndə hörmətli Abid Şərifovdan bu barədə xahiş etmişdim. Nədənsə, Şəmkir rayonunda neçə illərdir, bu qrupdan olan əhali üçün mənzil şəraitinin yaxşılandırılması ilə bağlı proqramda tədbir nəzərdə tutulmur.
Sədrlik edən. Məlahət xanım, Siz sual verirsiniz, ya çıxışa başlamısınız? Sualı verin, sonra çıxış edərsiniz.
M. Həsənova. İkinci sualım vaxtilə mülki aviasiya sahəsində çalışan 110 pensiyaçı ilə bağlıdır. Onlar mənə məktubla müraciət ediblər. 2007-ci ildə onların pensiyasının artırılması nəzərdə tutulubmu? Aviasiya günü münasibəti ilə keçirilən tədbirlərdə möhtərəm Prezidentimiz bununla bağlı tapşırıq vermişdir.
Üçüncü sualım. Hökumətin hesabatında da biz onun şahidi olduq ki, ildən-ilə əhali arasında əlillik süni olaraq artırılır. Əhali arasında əlilliyin süni olaraq artması ilə bağlı sizin hər hansı qabaqlayıcı tədbiriniz, proqramınız nəzərdə tutulurmu? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, sualı qısa verin, çünki sualla çıxış arasında fərq olmalıdır. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də bu layihə ilə bağlı qısaca üç məsələyə münasibətimi bildirmək istəyirəm. Ortaya çıxan suallara da Səlim müəllimin cavab verməsini xahiş edirəm. İlk növbədə Qarabağ əlilləri və onların pensiya təminatları barədə danışmaq istəyirəm. Çox zaman onları bütün əlil kateqoriyasından olan insanlarla eyniləşdirirlər. Amma unutmaq lazım deyil ki, Qarabağ əlilləri Vətən uğrunda canlarını qurban vermişlər və onların sayı o qədər də çox deyil. Onların sayı 7 mindən 12 min 500-ə qədərdir. Bu kateqoriyadan olan insanları digər kateqoriyadan olan əlillərdən ayırmaq və onların müavinətlərini çox ciddi şəkildə qaldırmaq lazımdır. Şəhid ailələrinə ayrılan yardımların da kifayət qədər yüksək olmasını təmin etmək lazımdır. Çünki Azərbaycan torpaqları hələ işğaldan azad olunmayıb. Hələ bundan sonra Ermənistan-Azərbaycan cəbhəsində nələrin olacağı barəsində də heç kim konkret fikir irəli sürmür.
Mən bu məsələlərlə yanaşı, 1993-cü ildən sonra işğal olunmuş ərazilərimizdən didərgin düşən müəllimlərə işləmədikləri halda dövlət tərəfindən maaşlarının verilməsi probleminin 2007-ci ildə fərqli bir qaydada həll olunması ilə bağlı münasibətimi bildirmək istəyirəm. 2007-ci ildən məcburi köçkün müəllimlərə ünvanlı sosial yardım ayrılması və adi qaydada sənədlər təqdim edilərək ünvanlı sosial yardımın alınacağı barədə ciddi siqnal daxil olub. Bu da təqdim edilən sənədlərdə özünü göstərir. Amma unutmaq lazım deyil ki, həmin məcburi köçkün müəllimlər özləri və ya kefləri istəmədiyi üçün işləmirlər, yox. Onların işlədikləri məktəblər də işğal olunmuş bölgələrdə qalıblar. Onlar həmin ərazini tərk edib gəliblər. Hökumətin imkanı varmı həmin müəllimləri orta məktəblərə yerləşdirsin və onlar dərs desinlər? Bu insanlar dərs demək, məktəblərdə, başqa sahələrdə çalışmaq istəyirlər. Amma dövlət bunun üçün şərait yarada bilirmi? Əgər dövlət şərait yarada, onları işlə təmin edə bilmirsə, vəzifəli məmurun hərəkəti və ya hərəkətsizliyi, qonşu dövlətin Azərbaycanın ərazisini işğal etməsi səbəbindən iş yerlərini tərk edən bu adamların maaşları dövlət tərəfindən ödənilməlidir. Bunu heç cür ünvanlı sosial yardımla bu və ya digər şəkildə qarışdırmaq olmaz. Bundan sonra da dövlət onları iş yeri ilə təmin edənə, öz peşəsinə, ixtisasına uyğun iş şəraiti yarada bilənə qədər onların müavinətləri və maaşları ödənilməlidir. Bu, dövlətin borcudur, dövlət bunun üçün Konstitusiya qarşısında öhdəlik götürüb.
Bundan başqa, pensiya təminatı barədə də bir neçə kəlmə demək istəyirəm. Dəfələrlə burada Milli Məclisin 1990-1995-ci illərdə fəaliyyət göstərən millət vəkillərinin pensiya təminatı haqqında məsələ qaldırılıb. Çox təəssüf ki, bu məsələ öz müsbət həllini tapmayıb. Mən komissiyanın iclasında da Səlim müəllimə bu barədə sual verdim. O dedi ki, bunu “Sosial sığorta haqqında” Qanuna yox, əslində, “Deputat statusu haqqında” Qanuna dəyişiklik etməklə onların pensiya təminatı məsələsini həll etmək olar. Amma hesab edirəm ki, bu məsələni əvvəl-axır həll etmək lazımdır. Sovet dönəmində repressiya olunmuşlarla, keçən əsrdə baş verənlərlə bağlı bütün problemlər həll olunub. 1990-1995-ci illərdə bu salonda əyləşib Azərbaycanın müstəqilliyi üçün çalışan, deputat kimi fəaliyyət göstərən insanlara pensiya təminatı verilmir. Niyə? Buna ilk növbədə cavab tapılmalıdır. 10-12 nəfərdir. Siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq həmin insanlar burada çalışıblar. Bu insanlar işləyiblər. Yenə deyirəm, 1930-cu illərdən qalan arxivləri axtarırlar, bunun nəticəsində kiməsə sənəd verirlər.
Bundan başqa, mənim hakimlərin əlillik dərəcəsi ilə bağlı, əmək pensiyasına çıxması ilə bağlı 4 təklifim var. Həmin təklifləri mən təqdim edəcəyəm. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinin dəyişdirilməsi, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əlavə edilməsi ilə bağlı təkliflərimi təqdim edəcəyəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən öncə, cənab Sədr, Siz başda olmaqla bütün millət vəkillərini, qonaqları qarşıdan gələn Konstitusiya günü münasibəti ilə təbrik edirəm! Həmkarım İqbal Ağazadənin çıxışını davam etdirərək demək istəyirəm ki, Konstitusiya komissiyasının, Azərbaycan Respublikası Milli Məclisinin ilk üzvləri olmuş şəxslər, doğrudan da, pensiya ala bilmirlər. Konstitusiyada nəzərdə tutulub ki, qanunlara şərh vermək hüququ Konstitusiya Məhkəməsinə aiddir. Amma Səlim müəllimin idarəsi həmin insanların Milli Məclisin üzvləri olub-olmadıqları barədə Milli Məclisə sorğu göndərib. Bunun əsasında da sonradan həm məhkəmələr qərar çıxarır, həm də həmin şəxslərə pensiya verilmir. Ədalət bərpa olunmalıdır. Millət vəkillərinin bəziləri parlamentdə, əlbəttə, xoşagəlməz çıxışlar ediblər. Amma həmin deputatları buna təhrik edən Mərkəzi Komitə katibləri, işçiləri pensiya alırlar, amma onlara pensiya verilmir. Vaxtilə Səlim müəllimin özü də bu məsələni qaldıraraq bildirmişdi ki, mərhum Prezident Heydər Əliyev vahid pensiya məcəlləsi yaradılması haqqında tapşırıq verib. İllər keçir, amma bu məcəllə yaradılmır. Soruşmaq istərdim ki, bunun səbəbi nədir? İqbal müəllimin qaldırdığı məsələləri təkrar eləmirəm. Həmin məsələlərə, doğrudan da, diqqət yetirilməlidir.
Burada hörmətli Hadi müəllim qeyd elədi ki, bu il sanator-kurort müalicəsinə və istirahətin yollayışlarının alınmasına xeyli vəsait ayrılır. İnsanların sağlamlığı barədə düşünmək lazımdır. Amma eyni zamanda, xəstə insanların da müalicəsi barədə düşünmək lazımdır. Mən yaz sessiyasında da bildirmişdim ki, gəlin, öz əmək haqlarımızdan Heydər Əliyev Fonduna vəsait keçirək və iş adamlarına da bu barədə müraciət edək. Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan, yaxud çoxlu vəsait tələb edən xəstələrin müalicəsini Heydər Əliyev Fondu təşkil edir. Dövlət özü də bu işə qoşulmalıdır, həmin məqsədlər üçün vəsait ayırmalıdır. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də bu, nəzərdə tutulmalıdır ki, insanlar oraya müraciət etsinlər. Heydər Əliyev Fondu onsuz da istər yetimxanaların təmir olunması, istərsə də məktəb tikintisi ilə bağlı çox böyük işlər görür. Əksinə, mən təklif edərdim ki, həmin fonda da büdcədən vəsait ayrılsın.
Vaxtilə mən özüm ANAMA fondunun xətti ilə rəhbər kadrlar üçün Beynəlxalq Akademiyada kurs keçmişəm. ANAMA fonduna Almaniyanın büdcəsindən 85 milyon avro pul ayrılır. Bu fondun gözəl binası, gözəl şəxsi heyəti var. Xarici ölkələrdən jurnalistləri, ayrı-ayrı ictimai-siyasi xadimləri dəvət etsinlər. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti Bertelsman Fondunun xətti ilə Almaniyaya getmişdi. Biz də belə xadimləri dəvət eləyək, gəlsinlər, Azərbaycanla tanış olsunlar, Azərbaycanı öyrənsinlər.
Xüsusi qeyd eləmək istəyirdim ki, mən də bu büdcəyə səs verəcəyəm. Həqiqətən də, həm dövlət büdcəsindən bu il 248 milyon vəsaitin ayrılması, həm də yığım əmsalının artması müsbət haldır. Bəzi həmkarlarım, hökumət nümayəndələri də mənim qaldırdığım başqa məsələlərə münasibət bildirmədilər. Elə hamı ondan danışır ki, Qüdrət Həsənquliyev deyir, niyə aeroport tikilir, niyə yollar çəkilir? Mən bildirirəm ki, bu gün Bakı şəhərində dəyəri 10 milyonlarla dollar olan bir avtovağzal tikməkdənsə, velosiped zavodu tikmək daha yaxşıdır. Avtovağzalı sonrakı illərdə tikmək lazımdır. Yenə də öz fikrimdə qalıram ki, bu gün aeroportlar tikmək əvəzinə iş yerləri açmaq lazımdır. Çinin keyfiyyətsiz malları ilə Azərbaycan doludur. Həmin malların 99 faizini Azərbaycanda istehsal etmək mümkündür. Mən dünən mətbuatda oxudum ki, beynəlxalq aeroportda İstanbul reysinə cəmi bir bilet satılıb. Bu da dediyimi təsdiq edir. Dəyəri 10 milyon dollarla ölçülən işlərin görülməsində ardıcıllıq gözlənilməlidir. Hörmətli Məlahət xanım dedi ki, bizim kəndlilərimiz idman kompleksləri tikiləndən sonra Rusiyaya getmirlər. Kəndlilər başqa ölkələrə iş dalınca gedirlər, idmanla məşğul olmağa yox. Birinci, onlara iş yeri vermək lazımdır ki, sonra onlar asudə vaxtlarını gedib idman komplekslərində keçirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üçün büdcə layihəsini dəstəkləyirəm. Ona cəmiyyətdə sosial ədalət prinsipinin bərqərar olması istiqamətində mühüm addım kimi baxıram. Bu, layihənin sosial yönlüyünü dəstəkləyir. Büdcə layihəsinə mütləq səs verəcəyəm. Bununla yanaşı, mən bir neçə təklif ilə çıxış etmək istərdim.
Əvvəla, hörmətli Səlim müəllimə xahişlə müraciət edirəm ki, anadan olan uşaqlara görə dövlət tərəfindən birdəfəlik müavinət institutunun bərpa edilməsi haqqında düşünək. Demirəm ki, bu məbləğ Rusiyadakı kimi 250 min manat olmalıdır. Rusiyada demoqrafik problem çox kəskin durur və müavinətlər bu problemi aradan qaldırmağa kömək etməlidir. Amma, məsələn, ərəb ölkələrində demoqrafik problem yoxdur. Ancaq Fars körfəzi ölkələrinin çoxunda bu cür müavinətlər vardır. Onlardan bəziləri bu müavinəti 500 min dollara qədər qaldırırlar. Mən nə təklif edirəm? Təklif edirəm ki, müəyyən məbləğ, məsələn, uşaq anadan olanda 10 və ya 20 min dollar onun şəxsi hesabına dövlət tərəfindən köçürülsün və bu məbləğ yüksək faizlərlə Azərbaycan banklarında saxlanılsın. Qoy valideynlər bu məbləğin faizlərindən istifadə etmək hüququ əldə etsinlər. Amma məbləğin özülünü, yəni 10 və ya 20 min dolları uşaq özü 18 yaşı tamam olandan sonra bankdan götürə və öz təhsilinə, mənzil şəraitinin yaxşılandırılmasına və sair problemlərinə yönəldə bilər. Bu xeyirxah addım bizim cavan nəslimizin sosial müdafiəsini gücləndirəcək. Yaşlılardan, pensiyalardan danışırıq. Cavan nəslimizin də sosial müdafiəsi gücləndirilməlidir. Bəlkə onlara bizdən daha çox lazımdır. Bir amil də olacaq. Bizim cavan ailələrimizdə Azərbaycan vətəndaşlarının sayını namussuz qonşularımızın acığına daha da sürətlə artırmaq həvəsi oyadacaq. Bu addım geniş əks-səda doğuracaq və dövlətimizin, həqiqətən, güclü, varlı, qüdrətli olmasının ən bariz nümunəsi sayıla bilər. Bu təkcə iqtisadi yox, siyasi bir məsələdir və həmin məsələyə biz mütləq diqqət yetirməliyik.
Şəhid ailələrinə verilən müavinətlərin büdcədə kəskin sürətlə artmasını yüksək qiymətləndirirəm. Xahiş etmək istərdim ki, Əfqanıstan və Çernobıl veteranlarına da diqqət artırılsın. Burada bir neçə dəfə deyilib. Məsələn, Əfqanıstan veteranlarının pensiyası, deyəsən, cəmi 2 yeni manat artıb və 12 manata qalxıb. Məncə, bu, sosial ədalət prinsipini pozur. Bütün kateqoriyadan olan müharibə veteranlarının pensiyalarını eyni faizlə müəyyən etməliyik. Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsini çox yüksək qiymətləndirirəm. Bütün deputatlarımızı da ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələyə toxunacağam. Təkliflər oldu ki, Qarabağ müharibəsi əlillərini digər kateqoriya əlillərindən fərqləndirməliyik. Bu, müharibə əlillərinin ən böyük problemi, mənzil təminatı ilə bağlı məsələdir. Hər kəs bilir, bir neçə il bundan əvvəl ölkənin imkanları o qədər də çox deyildi ki, onların mənzil şəraitini sürətlə yaxşılandırsın. Amma bu gün Azərbaycan dövlətinin, büdcəsinin kifayət qədər imkanları var. Bu insanlar neçə illər çox çətin həyat keçiriblər. Onların arasında I, II qrup əlillər, şəhid ailələri var. Bəzi ailələr başçılarını itiriblər. Onların tək qadınları öz övladlarını çətinliklə böyüdüblər. İndi onların ağır mənzil şəraiti də ortaya çıxır. Ötən gün hökumət üzvləri deyirdilər ki, 600-ə yaxın ev tikiləcək. Nə mane olur bizə ki, 600 yox, 1500 ev tikilsin? Məgər 1500 evin tikilməsi büdcəmiz üçün ağırlıq yarada bilər? Bu sayı çoxaltmaq lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bunları bilir, onlara müraciətlər var. Hər kəs bilir ki, bu sahədə problemlər var.
Şəhərlərdə pensiyaların kartlarla alınması məsələsi bu sahədə müsbət addımlar yaratdı. Amma gəlin baxaq, kənd rayonlarında vəziyyət necədir? Bu gün Səlim müəllim özü də etiraf edər ki, ən çox şikayətlər bu sahədəndir. Pensiyaların verilməsində gecikdirmələr, insanlardan yenə vəsaitin tutulması halları var. Üst-üstə gələndə, hesablayanda bunun bir 10 min dollar dövriyyəsi var. Səlim müəllimdən çox xahiş edirəm, əlaqədar təşkilatların qarşısında bankomatların qurulması və kart sisteminə keçidlə bağlı məsələ qaldırmaq lazımdır. Bu sahədə şəffaflığın təmin olunması üçün büdcədən də kifayət qədər vəsait ayırmaq olar. Bankomatların sayının artırılması ilə bağlı da vəsaitləri çoxaltmaq olar. Kart sistemlərinə keçid sürətlənməlidir.
Ən vacib məsələlərdən biri də budur ki, biz bu günümüzə və gələcəyimizə böyük minalar qoyuruq. Nədən qoyuruq? Bu gün əmək müqaviləsi olmadan çoxlu işçilər çalışdırılır. Sabah nə olacaq? Biz pensiyaların fərdi uçot sisteminə keçirik. Əmək müqaviləsi olmadan işləyən insanlar sabah pensiyalarını necə alacaqlar? Bəzən deyirlər ki, getsin, tələb eləsin. Haradan tələb eləsin? Bu gün hər kəs bilir ki, ölkədə işsizlik problemi var və bunu tələb edən işçini işə götürmürlər. Bu insan məcbur olub işləyir. Gələcəkdə bu insanların pensiya problemləri ortaya çıxanda dövlətin qarşısında necə bir ağrılı məsələyə çevriləcək.
Daha bir məsələ ölkədə tikinti sektoru, şadlıq evləri, restoran və nəqliyyat məsələləri ilə bağlıdır. Bundan başqa, bu işçilərin əmək haqlarını sənədlərdə az göstərirlər. Hər kəs bilir ki, həmin sektorda bu cür əmək haqqı ilə heç kəs işləməz. Əmək haqlarını aşağı göstərirlər, fakturaları şişirdirlər. Bununla da büdcədən nə qədər vəsaiti yayındırırlar. Gələcəkdə həmin adamlar çox az əmək haqqı ilə çox az pensiyalar alacaqlar. Mən soruşmaq istəyirəm ki, bununla bağlı hansı ciddi işlər görülür? Başa düşülməlidir ki, inzibati metodlarla yanaşı, digər mexanizmlər də işə düşməlidir. Mən istərdim, bu mexanizmlərlə bağlı bəlkə ciddi məsələlərə aydınlıq gətirilsin.
Digər bir məsələyə burada millət vəkilləri toxundular. Bu gün əlillərin müavinətlərinin qaldırılmasından danışırıq. Mən razıyam ki, bunların həcmi çox deyil. Amma bu gün ən çox rüşvət mənbələri regional və rayon sexlərindədir. Düzdür, yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bu istiqamətdə müəyyən addımlar atılıb. Amma nə qədər saxta əlillik vermək olar? Hər kəs bilir ki, rayonlarda əlillik rüşvətlə verilir. Sağlam insanların hesabına əlillərin sayı artır. Bu da büdcəni bu vəziyyətə qoyub ki, bəlkə də əsl əlilləri müəyyənləşdirə bilsəydik, əlilliyə görə müavinətləri normal şəkildə verə bilərdik. Bununla bağlı nə işlər görülüb, hansı mexanizmlər yaradılıb? Elmira xanımın təklifini dəstəkləyirəm. Düzdür, birinci uşaq üçün yox, heç olmasa, ikinci, üçüncü uşaq...
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Biz Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi barədə fondun rəhbəri hörmətli Səlim Müslümovun geniş məlumatını dinlədik. Büdcə layihəsinin əyani şəkildə detalları ilə çatdırılması bizə gözəl təsir bağışladı. Son illərdə Dövlət Sosial Müdafiə Fondu sistemində görülən işlər ictimaiyyətin diqqətini cəlb etməkdədir. Bu gün verilən məlumatlarda qarşıda duran vəzifələr göstərildi. Həmin vəzifələrin yerinə yetirilməsi Azərbaycanda Dövlət Sosial Müdafiə Fondu xətti ilə insanların təminatında mühüm rol oynayacaqdır.
Burada bir neçə dəfə deyildi. Bizim dövlət büdcəmiz sosial yönümlüdür. Bu özü dünən fondun büdcəsi barədə çıxışlarda deyilən müəyyən fikirlərin əsaslığını bir daha sübut edir. İstər dövlət büdcəsinin, istərsə də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin inkişafı, tərəqqisi və oradakı ürəkaçan rəqəmlər Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən irəli sürülmüş ölkəmizin sosial-iqtisadi inkişaf proqramının ardıcıl və mərhələlər üzrə həllindən xəbər verir və onun aydın, parlaq nümunəsi, güzgüsü kimi özünü göstərir. Burada deyildiyi kimi, gələcəkdə orta aylıq pensiyaların orta aylıq əmək haqqının 40 faizinə çatdırılması və qanunvericilikdə vahid sistemin təmin edilməsi istiqamətində dünya təcrübəsinin Azərbaycana gətirilməsi çox gözəldir. Mən ümidvaram ki, qarşıya qoyulan məqsədlərə nail olunacaq. Amma mən də deputat həmkarlarım kimi bir neçə arzumu bildirmək istərdim.
Birinci, arzu edərdim ki, fond tezliklə öz imkanları hesabına müstəqil olaraq öz səlahiyyətlərini, qarşısında duran vəzifələri yerinə yetirmək gücünə, iqtidarına malik olsun. Mən ümidvaram ki, bu da olacaqdır.
İkinci arzum budur ki, vahid pensiya məcəlləsinin hazırlanmasına və bütün sistemin orada əksini tapmasına nail olaq. Yəqin, burada da bizim qarşımıza müəyyən vəzifələr qoyulacaqdır. Azərbaycanda analara qayğının artırılmasına böyük ehtiyac vardır. İstər analıq ərəfəsində, istərsə də uşaqların dünyaya gəlməsindən sonra və uşaqların sayına görə imtiyazların diferensiallaşmasına, bu imtiyazların diferensial qaydada artırılmasına böyük ehtiyac vardır. Mən ümidvaram ki, gələcəkdə Səlim müəllim və büdcəni tərtib edən digər qurumlar bizim bu xahişlərimizi nəzərə alacaqlar. Azərbaycan ictimaiyyətinin indiyə qədər belə bir fondun mövcudluğu barədə təsəvvürü az idi. Pensiyanı alırdılar, amma bilmirdilər, haradan gəlir, necə olur, pensiyanı verən hansı təşkilatdır. Dövlət Sosial Müdafiə Fondu bu yönümdə çox cəsarətli addımlar atmışdır, böyük işlər görmüşdür. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə deputat həmkarlarımı səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Hörmətli Səlim müəllim, mənim üç sualım var. Birincisi, vahid pensiya sisteminə keçilməsi ilə əlaqədar pensiya haqqında, o cümlədən hərbiçilərin pensiya təminatı haqqında qanunlar var. Onların hüquqları pozulur, ya yox? Bununla əlaqədar bizə şikayətlər var.
İkincisi, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət xərcləri 10 milyon 900 min manat göstərilib, 2006-cı ildə bu, 4 milyon manat olub. Təxminən 50 faizdən çox artırılıb. Amma bildiyimizə görə bu işlərin əksəriyyəti bankomatlar vasitəsi ilə həyata keçirilir. Niyə xərclər azalmaq əvəzinə belə çoxalıb?
Üçüncü sualım şirkət və konsernə aiddir, bayaq da mən komissiyada bu məsələni qaldırdım, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna şirkət və konsernin rəhbər orqanları, ümumiyyətlə, işçilər daxil edilmir. Bunu həyata keçirmək üçün nə etmək lazımdır ki, həmin insanlar da normal pensiya alsınlar? Bu gün onlar 200-300 min pensiya alırlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! 2006-cı ili cəsarətlə sosial müdafiə sahəsində inqilabi dəyişikliklər, islahatlar ili adlandırmaq olar. Yəqin ki, dövlətçilik tarixində də bu il belə qalacaqdır. Sosial siyasətin formalaşması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan insanlara qayğının artması, şübhəsiz, ilk növbədə möhtərəm Prezident cənab İlham Əliyevin bu sahəyə diqqəti və qayğısı nəticəsində, Milli Məclisin siyasi dəstəyi, əlaqədar mərkəzi icra orqanlarının səyi, peşəkar fəaliyyəti nəticəsində mümkün olmuşdur. Sevindirici haldır ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz bu qanun Milli Məclisdə müzakirə olunarkən deputatlar tərəfindən qaldırılmışdır. Bu, əyani sübut edir ki, Milli Məclislə müvafiq icra orqanları nə qədər sıx əməkdaşlıq etsələr, işgüzar şəraitdə işləsələr, o qədər də qanunvericilik bazasının möhkəmlənməsinə, əhalinin sosial rifah halının yaxşılaşmasına, dövlətçiliyimizin inkişafına kömək olur. Mən, təbii, hər üç qanunun Sosial siyasət daimi komissiyasının üzvü kimi lehinə səs verəcəyəm. Hər üç qanuna əlavə və dəyişiklikləri, təqdimatları dəstəkləyirəm. Bu məsələlərlə bağlı bir sıra təkliflərim də var.
Birinci təklifim ondan ibarətdir ki, Ermənistan SSR-də yaşayan, vaxtilə partiya və dövlət qulluğunda işləyən insanlara hal-hazırda Azərbaycanda keçmiş dövlət qulluqçusu kimi pensiyalar təyin olunmur. Baxmayaraq ki, “Əmək pensiyaları haqqında” Qanunda bu barədə heç bir ayrı-seçkilik və bir problem yoxdur. Sadəcə, Nazirlər Kabinetində, görünür, müəyyən məmurların bu sahəyə ögey münasibətinin nəticəsidir ki, vaxtilə Ermənistanda işləmiş və 1988-ci ildə ermənilər tərəfindən qovulmuş azərbaycanlılar, bizim soydaşlarımız öz halal haqlarını ala bilmirlər. Bu da həmin insanlar arasında haqlı narazılıq yaradır. Onu da deyim ki, belə insanların sayı o qədər də çox deyil. Cəmi 150-200 nəfər ola, ya olmaya. Ermənistanda, bildiyiniz kimi, azərbaycanlılara qarşı həmişə ayrı-seçkilik olubdur. Azərbaycanlılar orada böyük dövlət və partiya orqanlarında, vəzifələrində təmsil olunmayıblar. Hörmətli Səlim müəllimdən də, Nazirlər Kabineti, hökumətimizdən də xahiş edirəm ki, bu ədalətsizliyin aradan qaldırılması üçün işlər görsünlər.
Mənim digər bir təklifim, hörmətli Hadi müəllimin çıxışında da səsləndi, sanator-kurort müalicəsinə Dövlət Sosial Müdafiə Fondundan ayrılan vəsaitlərin artırılması məsələsidir. Həmkarlar İttifaqı Konfederasiyası bu sahədə böyük işlər görür. Əhalimizin sağlamlığının bərpası üçün sanator-kurort müalicəsinin təşkili sahəsində Konfederasiyanın işi təqdir olunmalıdır. Ancaq buna da maliyyə dəstəyi lazımdır. Hesab edirəm ki, bu məsələ də diqqət mərkəzində olmalıdır.
Digər bir təklifim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan tibbi reabilitasiya mərkəzlərinin bazasının möhkəmləndirilməsi, onların maliyyə vəsaitlərinin artırılması ilə bağlıdır. Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsində bu sahəyə müəyyən məbləğ ayrılıbdır. Ancaq hesab edirəm ki, həmin məbləğ kifayət etməyəcəkdir. Müqayisə üçün nəzərinizə çatdırmaq istəyirəm ki, 2000-ci ilə qədər respublikada cəmi bir əlilləri bərpa mərkəzi vardısa, indi artıq bu böyük bir sistemə çevrilib, böyük bir şəbəkəyə çevrilib. Respublikamızın demək olar ki, bütün zonalarını əhatə edən yeddidən çox reabilitasiya mərkəzi vardır. Mərkəzlərdə həm çarpayıların sayını, həm də onların xərc vəsaitlərinə diqqəti artırmaq lazımdır. Burada əlillik problemləri, əlillərin sayının artırılması barədə söhbətlər qaldırıldı. Hesab edirəm ki, gələcəkdə tibbi-sosial ekspertizası sahəsində aparılan islahatlar bu problemin aradan qaldırılmasına kömək edəcək. Bu məqsədlə də vəsait...
Sədrlik edən. Sağ olun, Musa müəllim. Səfər Məmmədov, sual vermək istəyirdinizsə, buyurun.
S.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Mən, əvvəla, Səlim müəllimə təşəkkür edirəm ki, bu cür mükəmməl bir qanun layihəsini müzakirəyə çıxarıb. Mənim bir sualım var. Kənd rayonlarında çoxlu sayda insan heç yerdə işləmir və onlar dövlətə vergi vermirlər və sosial sığortaya cəlb olunmurlar. Əksəriyyəti də orta yaşlı və gənc insanlardır. Mən bilmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunda onları vergiyə və yaxud sosial sığortaya cəlb etmək üçün bir iş görülür, ya görülmür? İkinci, əgər görülmürsə, gələcəkdə bu insanların pensiya məsələsi necə həll olunacaq və onlar pensiyaya hansı əsaslarla çıxacaqlar? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirəyə təqdim olunan məsələlərin təqdimatı həm texniki nöqteyi-nəzərdən, həm də məzmun nöqteyi-nəzərindən yüksək səviyyədə olduğuna görə təşəkkür edirəm. Eyni zamanda, deputat həmkarlarımın burada qaldırdıqları bütün məsələləri müdafiə etməklə yanaşı, qeyd etmək istəyirəm ki, həmin problemlərin həllini sürətləndirmək üçün bir suala cavab vermək lazımdır.
Məhz son dövrdə pensiyaların əvvəlki illərə nisbətən daha da artırılması etibarlı maliyyə mənbələrinin də tapılmasını vacib edir. Söhbət 1,3 milyona yaxın Azərbaycan vətəndaşından gedir ki, bu da Azərbaycan əhalisinin bəlkə də 15 faizdən artığını təşkil edir. Səlim müəllimin burada qaldırdığı məsələlər kontekstində irəli sürdüyü rəqəmlər də göstərdi ki, qarşıdakı 5 ildə Azərbaycanda hər il pensiyaya çıxanların sayı artacaq, dinamika güclənəcək və 2 dəfə artıb 100 min nəfərə çatacaq. Bu o deməkdir ki, Azərbaycanda demoqrafik qocalma özünü göstərməyə başlayacaq və yaşlı nəsli saxlamaq üçün daha çox vəsait ayırmaq tələb olunacaq.
Düzdür, 2007-ci ilin büdcəsinin 56 faizi 300 milyondan artıq vəsaitdir, sosial xərclərin təqribən 1 milyard manata çatdırılması müsbət qiymətləndirilir. Amma hesab edirəm ki, bu, son hədd deyil, çünki tədricən transferlər də azalacaq. Ona görə də yeni mənbələrin tapılması çox vacibdir, Azərbaycanda da bu mənbələr var. Kölgə iqtisadiyyatının leqallaşdırılması və bunun hesabına həm büdcəyə vəsaitin daxil edilməsi, həm də Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərinin artırılması üçün çox ciddi mənbə kimi bundan istifadə etmək olar. Yeni açılan iş yerlərinin vergiyə cəlb edilməsi istiqamətində addımlar atılmalıdır. Səlim müəllimlə biz söhbət etdik, bütövlükdə həm vergi, həm də sosial müdafiəyə ayırmalar nöqteyi-nəzərindən əlavə 50 milyon yeni Azərbaycan manatı cəlb etmək olar ki, bunun da üçdə iki hissəsi, təqribən 35 milyon manatını Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə əldə etmək mümkündür. İkili mühasibatın aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir ki, bu da Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitin daxil olması üçün çox vacibdir.
6 ay bundan qabaq Dövlət Sosial Müdafiə Fondunun sədri burada müzakirələr zamanı qaldırılan məsələlərin il yarım, iki ildə həll olunacağına söz vermişdi, amma 6-7 aydan sonra artıq bunlar yerinə yetirilib. Onda bu gün əmək haqqı ilə pensiyaların orta nisbətinin 28 faizdən beynəlxalq standartlara uyğun olaraq 40 faizə çatdırılması məsələsini göstərilən müddətdən 2 dəfə az müddətə həll etmək olar.
Növbəti məsələ iki qanuna təklif olunan dəyişikliklərlə bağlıdır. Hesab edirəm ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək haqqı ilə bağlı 51 manatlıq məhdudiyyətin aradan qaldırılması çox müsbət bir addımdır. Amma əvvəlki illərdəki pensiyaçıların da əhatə edilməsi üçün bayaq dediyim mənbələrdən də istifadə etmək olar.
“Sosial sığorta haqqında” Qanunda çox meyarlardan istifadə edilir. Hesab edirəm ki, bu meyarların, yəni şərti maliyyə vahidi, minimum əmək haqqı və sair əvəzinə yeni Azərbaycan manatını götürmək daha yaxşı olar. Təklif edirəm, komissiya yaradılsın, bütün qanunlarda şərti maliyyə vahidi və sair meyarlar yeni Azərbaycan manatı ilə əvəz olunsun. Beləliklə də, bütün qanunlarda vahid meyar təmin olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, Baba Tağıyev.
B. Tağıyev. Mənim bir sualım var. Bizim məqsədimiz xalqımızın firavanlığının yüksəldilməsidir. Sosial müavinətlərin, pensiyaların verilməsində insanlar, zəhmətkeşlər çoxlu maneələrlə rastlaşırlar. Sənədlərin sayının çoxluğu və sənədlərin yığılması bir problemdir. İndi ölkəmizdə bütün dövlət təşkilatlarında, özəl təşkilatlarda fakslardan, İnternetdən yüksək səviyyədə istifadə olunur. Xüsusi bir komissiya və ya işçi qrupu yaradılsa və həmin sənədlərin yığılması həmin komissiyaya həvalə olunarsa, vətəndaşlarımız üçün rahatlıq yaratmazmı və saxta sənədlərin qarşısı alınmazmı? Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə xanım Əliyeva.
J. Əliyeva. Hörmətli sədarət, hörmətli həmkarlarım, hörmətli qonaqlar! Müzakirə etməkdə olduğumuz Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə atılan mütərəqqi bir addımdır. Bu qanun ali humanist ideyalara xidmət edir. Mən əvvəlcədən demək istərdim ki, həm bu qanun layihəsinin, həm də digər iki qanuna edilən dəyişikliklərin, əlavələrin lehinə səs verəcəyəm, digər deputat həmkarlarımı da bu qanun layihələrinin lehinə səs verməyə çağırıram.
Son illər ölkədə pensiya islahatı sahəsində dəyişikliklər baş vermişdir. Belə ki, ölkədə sosial yardım sistemi ilə pensiya sistemi tam ayrılmışdır. Artıq vətəndaşların pensiyası sosial sığorta stajından və sosial sığorta məbləğindən asılı vəziyyətə gətirilmişdir ki, bu da pensiyaların ədalətli və düzgün təyinatına şərait yaradıb. Üçpilləli pensiya sisteminin yaradılması Azərbaycanın bütün qabaqcıl dünya ölkələrində tətbiq olunan pensiya sisteminə inteqrasiya etməsidir. Düzdür, hələlik faktik olaraq üçüncü pillə tətbiq edilməsə də, hörmətli Səlim müəllimin mətbuata verdiyi məlumatlardan bilirik ki, 2008-ci ildən etibarən bu sistemin tətbiqinə başlanacaqdır.
Qanun layihəsindən göründüyü kimi, növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin miqdarı xeyli artacaqdır. Bu da ölkəmizdə yoxsulluğun azaldılması, dövlət proqramlarının şərtlərinə uyğun olaraq pensiyaçıların pensiya məbləğinin artırılması ilə müşayiət olunur. Yenə də hörmətli Səlim müəllimin mətbuatdakı çıxışlarından məlum olur ki, yoxsulluğun azaldılması istiqamətində BMT- nin müəyyən etdiyi normaya – adambaşına gündəlik 2 dollar qazanc səviyyəsinə çatdırılması üçün səmərəli işlər aparılıb. Bildiyimiz kimi, yanvar ayından etibarən pensiyaların məbləği 40 manata çatdırılacaq. Fondun maddi-texniki bazasının gücləndirilməsi, iri şəhərlərdə və rayon mərkəzlərində və eyni zamanda, rayon mərkəzlərinə yaxın kəndlərdə pensiyaçıların öz pensiyalarını plastik kartlarla alması, Dövlət Sosial Müdafiə Fondunda pensiyaçıların məlumat bazasının yaradılması təqdirəlayiq haldır.
Bundan başqa, sosial sığorta haqlarının toplanması sahəsində fondda görülən işlər hamıya məlumdur. Sosial sığorta haqlarının bazası genişləndirilir və sosial sığorta haqlarının toplanması işi getdikcə yaxşılaşdırılır. Faiz nisbəti ilə dövlət büdcəsindən ayrılan trasfertin xüsusi çəkisi getdikcə azalır. Bütün bunlar, əlbəttə, onu göstərir ki, ölkəmizdə dövlət başçısı tərəfindən aparılan iqtisadi islahatların tərkib hissəsi olan sığorta pensiya siyasəti həyata düzgün keçirilir. Lakin gəlin etiraf edək ki, son illərdəki artıma rəğmən pensiya məbləği bazarla rəqabətə duruş gətirmir. Bu, dəfələrlə Milli Məclisin müzakirələrində də, çıxışlarda da önə gətirilib. Cəmiyyətin digər təbəqələri arasında da bununla əlaqədar etirazlar tez-tez eşidilir. Burada oturan hər bir millət vəkili minlərlə seçicinin səsini qazanmışdır. Həmin seçicilər arasında da, təbii, pensiyaçılar da var. Pensiyaçılar müdafiəyə və qorunmağa ehtiyacı olan təbəqədir. Onların maddi rifah halının yüksəlməsi, əlbəttə, prioritet məsələlərdən biridir. Azərbaycanda pensiyalar ümumi daxili məhsulun təqribən 4%-ni təşkil edir. Lakin yanılmıramsa, bəzi Avropa ölkələrində bu nisbət 10-15% arasındadır. Mən fürsətdən istifadə edərək hörmətli Səlim müəllimdən bu fərqin nə ilə əlaqədar olduğunu bildirməsini xahiş edərdim. Əlbəttə, arzum ondan ibarətdir ki, pensiyaların minimumu və orta məbləği önümüzdəki illərdə bazar şəraitinə daha sürətlə uyğunlaşdırılsın. Əks təqdirdə belə çıxır ki, bazar qiymətləri astronomik yüksəlişlə irəliləyir, pensiyalar isə bütün cəhdlərə baxmayaraq geridə qalır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli Milli Məclis üzvləri, mən birinci növbədə qeyd eləmək istəyirəm ki, bu dördgünlük müzakirələr əvvəlki müzakirələrdən fərqli olaraq tərifnaməsiz keçirilir. Bu çox yaxşı haldır. Əslində, daha artıq dərəcədə lazım olan budur. Amma mən bir az qəribə görünsə də, qaydanı pozaraq Səlim müəllim haqqında çox xoş fikirlər söyləmək istəyirəm. Bir Allah şahiddir ki, burada heç bir kənar münasibətlər yoxdur. İş ondadır ki, bu sahə ilə bağlı problemlərin xeyli hissəsini biz keçmiş dövrlərdə səsləndirirdik. Həqiqətən də, indi vahid pensiya sisteminin tətbiq olunması ilə çox çətin bir sahədə, çox çətin kontingentlə işləmək sahəsində ciddi nizam yaranıb. Hörmətli Səlim müəllim məsuliyyətli, sağlam və müsbət fikri qəbul edən və onu yaxına buraxan, eyni zamanda, vətəndaş qarşısında hesabat verən bir struktur yaradıb. Yəni hər zaman onlardan müraciətə cavab almaq olur.
Mən indi müzakirə olunan layihə ilə bağlı fikirlərimi səsləndirmək istəyirəm. Birincisi, ünvanlı sosial yardım məsələlərinə toxunmaq istəyirəm. Dəfələrlə bu məsələ elektron kütləvi informasiya vasitələrində, mediya orqanlarında geniş müzakirə olunub. Bunun qüsurları qabardılır. Mən çox sadə bir sual vermək istəyirəm. Biz rəsmi rəqəmlərə istinad edərək deyirik ki, ölkənin əhalisinin 29%-i yoxsulluq şəraitində yaşayır. Bu o deməkdir ki, həmin kontingent də ünvanlı sosial yardımın abonenti olmalıdır. Amma biz cəmi 50 min insana bu haqqı vermişik. Biz deməliyik ki, yoxsulluq şəraitində yaşayanların vəziyyəti ünvanlı sosial yardıma layiq görülənlərdən hələ xeyli yaxşı imiş. Yəni ciddi bir paradoks və məntiqsizlik yaranır. Mən istərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Bu faktın özü, hər iki rəqəmin müqayisəsi sübut edir ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun tətbiqində ciddi qüsurlar var.
İkinci, mən burada zamanında Rusiya və ya digər ölkələrdə çalışan azərbaycanlıların gələcəkdə Azərbaycan pensiya sistemində ciddi bir yükə çevriləcəklərindən bəhs eləmişdim. İndi bizdə pensiya hesablanmasının ciddi yeni modelləri qəbul olunub. Mənim yadımdadır ki, Rusiya və Azərbaycanın müvafiq strukturları arasında bu yöndə razılaşmalar vardır. Bunun nəticəsi necə oldu? Bu, ictimaiyyətə bəlli deyil. Həmin vətəndaşlarımız Rusiyanın ümumi iqtisadi həyatına çox böyük ödənişlər eləyirlər. Ömürlərinin böyük hissəsini orada keçirəndən sonra azərbaycanlılıq prinsipinə uyğun olaraq buraya dönürlər və pensiyaçılar kimi dövlətin ümumi büdcəsində otururlar. Bu məsələyə aydınlıq gətirilməsini istəyirəm. Bu problemlər yönündə hökumətin müvafiq strukturları hansı addımları atırlar?
Ən vacib məsələlərdən biri kimi burada əmək müqaviləsi bağlamadan işləyən vətəndaşların böyük hissəsinin hüquqlarının pozulmasından bəhs edildi. Mən onun ikinci tərəfini qabartmaq istəyirəm. İş ondadır ki, sanki həmin qurumlar, strukturlar əlil istehsal eləyən mərkəzlərə çevriliblər. Biz vətəndaşın əlil kimi hüquqlarını və pensiya təminatının yaxşılaşdırılması haqqında düşünənə qədər birinci olaraq əlil istehsalı mərkəzlərinin fəaliyyətinə ciddi münasibət göstərməliyik, onların qarşısını almalıyıq. Bundan sonra anadangəlmə əlillər və ya digərləri haqqında düşünmək olar.
Yerli həkim-əmək ekspertizası haqqında məsələyə toxunuldu. Bu sahə ilə müntəzəm məşğul olmadığım üçün mənə rəqəmlər bəlli deyil. Ola bilsin, deyərlər ki, Azərbaycan müharibə şəraitində olduğu üçün bizim əlillərimizin sayı başqa millətlərdə olduğundan daha çoxdur. Müqayisədə əhalinin hər min nəfərinə düşən əlillərin sayına görə Azərbaycan neçənci yerdə durur? Mənə elə gəlir ki, həkim-əmək ekspertizası komissiyaları bu işdə Azərbaycanı xeyli qabaq yerə layiq görüblər. Mən bütövlükdə bu sənədə səs verəcəyəm. Düşünürəm ki, Azərbaycanda gələcəkdə bu atılan addımlar, ümumən, vətəndaşlarımızın pensiya təminatı sisteminin yaxşılaşdırılmasına xidmət edəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclis deputatları! Bizə təqdim olunan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi çox təqdirəlayiqdir. Büdcəmizin sosial yönümlü olması bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti, hökuməti, dövlət həmişə sosial sahəyə xüsusi diqqət yetirib. Bu gün də sosial sahədə aparılan islahatlar, bu sahədə qanunvericilik bazası bütün keçmiş sovet məkanında ən optimal, irəlidə olan qanunvericilik bazasıdır. Keçirilən islahatlar da həddindən artıq təqdirəlayiqdir. Qərb ölkələrinin təcrübəsindən bəhrələnərək belə islahatların həyata keçirilməsi və vətəndaşlarımızın sosial müdafiəsi məsələləri öz həllini tapmaqdadır. Bu sahədə uğurlar arzulayıram və deputat həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram.
İki xüsusi toxunacağım məsələ var. Biri ondan ibarətdir ki, qanunvericilik baxımından vahid pensiya məcəlləsinin qəbul olunması və çatışmazlıqların aradan qaldırılması zərurəti var. İkinci, müəyyən güzəştlərin sosial pensiyalara hesablanmaması və əmək pensiyalarına hesablanması məsələsi də aradan qaldırılmalıdır. Məsələn, bu yaxınlarda cənab Prezidentin fərmanı ilə dəniz səviyyəsindən yüksəklikdə yaşayan insanlara müəyyən müavinətlərin ayrılması artıq onların sosial pensiyasına təsir edə bilmir. Ona görə də bunu aradan qaldırmağı xahiş edərdim.
Digər tərəfdən pensiya islahatı ilə bağlı deputat həmkarlarımın fikirləri səsləndi. Azərbaycanda bu iş çox uğurla həyata keçirilir. Ola bilsin ki, haradasa neqativ hallar var. Hələ XVI əsrdə Məhəmməd Füzuli “Şikayətnamə” əsərində sosial yardım almaq haqqında yazmışdı. Bu hallar indi yaranmayıb, çoxdan var, tədricən aradan qaldırılır. Hesab edirəm ki, gələcəkdə bunların heç biri olmayacaqdır.
Bir neçə kəlmə ilə digər məsələlərə toxunmaq istəyirəm. Bu məsələ barədə fikrimi bildirməliyəm. Həmkarımız Qüdrət Həsənquliyev aeroportların tikilməsi və yolların çəkilməsi ilə əlaqədar fikir söylədi. Heç nə bu gün üçün hesablanmır, heç bir şeyi bir günün içərisində... Şadlıq evi deyil ki, bir gün tikdirdi, kimsə toy etdi, gəlir gətirdi. Aeroport uzunmüddətli strategiyaya hesablanır. Ümummilli liderimiz də Cəmşid Naxçıvanski adına Ali komandirlər məktəbini açanda heç kim fikirləşmirdi ki, o, Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini görür. Aeroport məsələsi vacibdir, zəruri və strateji bir məsələdir. Aeroportun özü də iş yeridir. Hər bir aeroportda bir zavoddan, müəssisədən daha çox insan çalışır, əmək haqqı, pensiya alır. O cümlədən idman komplekslərində. Bəli, keçən dəfə həmkarım Məlahət xanım çox düzgün qeyd etdi ki, burada insanlar məşğul olurlar, sağlamlıqlarını qoruyurlar, neqativ hallardan çəkinirlər. Bunun sayəsində dünya çempionatları Azərbaycanda keçirilir. 2007-ci ilin sərbəst güləş və yunan-roma güləşi üzrə dünya çempionatı Azərbaycana salınıbdır. Bəs belə komplekslərin olmadığı halda Azərbaycanda hansı yarışların keçirilməsindən söhbət gedə bilər? Bu məsələyə diqqət yetirilməlidir.
Bir məsələyə də xüsusi toxunmaq istəyirəm. Keçmiş partiya, sovet işində işləyən, o cümlədən Milli Məclis deputatlarının əmək haqları ilə əlaqədar mənim çıxışım olub. Mən bir daha onun üstündə dururam ki, Azərbaycanın taleyüklü məsələlərində bu insanların heç biri sinəsini qabağa verib nə 20 Yanvarda, Xocalı faciəsində, 20 Noyabr hadisələrində cəsarətli bir çıxış edib, nə də bir məqalə yazıb. Həmin vaxtlar ittifaq televiziyasına müraciət göndərən olmadı. Azərbaycanın həlledici məqamlarında iştirak etməyənlərin indi yadlarına düşür ki, nə vaxtsa Milli Məclisin üzvü olublar. Ola bilər, onların içərisində cəsarətli insanlar, partiya və sovet işçiləri var. Bugünkü Dağlıq Qarabağ probleminin yaradıcıları məhz onlardır. Vaxtında cəsarətli addımlar atmamaları, məsələyə ciddi münasibət göstərməmələri nəticəsində Azərbaycanın Dağlıq Qarabağ problemi yaranıb. Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılan kimi onlar hərəsi bir tərəfə qaçdı və Azərbaycanı ölüm-qalım dilemması qarşısında qoydular və heç biri sinəsini qabağa vermədi. Ona görə də onların hər hansı bir təminat istəməyə haqları yoxdur. Əgər Prezidentimiz məsləhət bilirsə, verər.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri! Bu gün sevindirici haldır ki, böyük bir artımla müşahidə olunan büdcə layihəsindən sonra eyni uğurla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında məsələləri müzakirə edirik. Bu da Azərbaycanda iqtisadi inkişafın yüksək sürətlə getməsinin bariz nümunəsidir. Mən bugünkü büdcə layihəsinin müsbət göstəriciləri ilə bağlı xüsusi fikir söyləyib vaxt almaq istəmirəm. Burada, doğrudan da, deyilən fikirlər mən tərəfdən də müdafiə olunur. Ancaq bəzi məsələlərə qısa vaxt ərzində diqqətinizi cəlb etmək istəyirəm.
Hörmətli Səlim müəllim çıxışında vurğuladı ki, sosial müdafiəyə ehtiyacı olan, ümumiyyətlə, pensiya təminatına haqqı çatan insanlar müxtəlif kateqoriyalarda formalaşıblar. Bu kateqoriyalara ayrıca həssas şəkildə yanaşılır, bu siyasət təqdir olunmalıdır. Bu nöqteyi-nəzərdən çıxış edərək bir neçə kateqoriya haqqında da məsələ qaldırmaq istəyirəm. Bilirsiniz ki, 1995-ci ildə metro qəzası baş verdi və həmin terror hadisəsi zamanı bir çox insan zərər çəkdi. Bu gün məndə olan məlumatlara görə həmin kateqoriyadan olan, yəni bədbəxt hadisə zamanı xəsarət alan insanların pensiya hüquqları pozulur və bu haqda şikayətlər var. İstərdim ki, Səlim müəllim bu kateqoriyadan olan insanların vəziyyəti ilə bağlı məlumat versin. Ümumiyyətlə, bu kateqoriyadan olan insanların təsnifatı aparılır, yoxsa yox?
İkinci qaldırmaq istədiyim məsələ. Bu gün insanlar müvəqqəti işlə təmin olunurlar və müvəqqəti işlə təmin olunduqdan sonra onların sosial müavinətlərdən, bir çox sosial təminatlardan istifadə etmək hüquqları məhdudlaşır. Bəzi məmurlar deyirlər ki, siz 5-6 aylıq müqavilə əsasında işləmisiniz və bunun da nəticəsində analıq məzuniyyəti, xəstəliyə görə müavinətlər və digər müavinətlərdən lazımi səviyyədə faydalana bilməzsiniz. Bu suala da, istərdim, bir aydınlıq gətirilsin.
Burada ünvanlı sosial yardımla bağlı xüsusi qeyd oldu. Bu iş, təbii ki, çox ciddi şəkildə təşkil olunur, amma müəyyən təşkilati məsələlərdə problemlər var. Yaxşı olardı ki, əhali bu hüququnu əldə etmək üçün ciddi bürokratik əngəlliklərlə, yaxud süründürməçiliklə rastlaşmasın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar bu işlərdə işlərini intensivləşdirməlidirlər.
Daha sonra qeyd etmək istədiyim məsələ valideyn himayəsindən tam və ya qismən məhrum olmuş uşaqlarla bağlıdır. Bu uşaqlara verilən müavinətlər o qədər də çox deyildir. Tək analar var ki, öhdəsində 3-5 uşaq yaşayır, onların saxlanması çətindir. Dövlətimizin gələcəyi olan bu gənclərin, uşaqların xüsusi qayğıya ehtiyacı var, həmin qayğını da dövlət əsirgəməməlidir.
Mən digər məsələlərə də toxunmaq istəyirəm. Burada Qənirə xanım tərəfindən əmək haqlarının şişirdilməsi və yaxud əmək müqaviləsi ilə işlərin görülməsi və işə götürülməsi halları xüsusi vurğulandı. Təbii, bu, ciddi bir problemdir. Bu, təkcə sosial müavinətlərlə bağlı olan problemdir, həm də bizim büdcəmizə vurulan ən böyük zərbədir. Bunun qarşısı alınması məsələsi bu gün çox aktualdır. Bu məsələ həll edilərsə, dövlət büdcəmiz əmək haqqından gələn gəlirlər hesabına artar, o cümlədən sosial büdcəmiz kifayət qədər genişlənər.
Nəhayət, sonda iki suala cavab verilməsini istərdim. Fondun büdcə layihəsinin xərclər maddəsində haqqı ödənilən ictimai işlərin təşkilinə aid bir bənd var. Ümumiyyətlə, mən bilmək istərdim, bu haqqı ödənilən ictimai işlər nəyə deyilir? Konkret nə nəzərdə tutulur. Bir də ki, sosial müdafiə ilə bağlı peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili ilə bağlı müddəa üzərində, mənə elə gəlir ki, biz işləməliyik. Bu məqsədlə ayrılan 660 min manat çox azdır, çünki bu gün ən vacib məsələ məşğulluq proqramının həlli ilə bağlıdır.
Sədrlik edən. Azay müəllim, sağ olun. Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. İclasımız davam edir. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Çıxışıma başlamazdan əvvəl mən Səlim müəllimə dərin minnətdarlığımı bildirirəm. Əgər dünən, srağagün məruzələr, çıxışlar bu salonda müəyyən effekt yaradırdısa, Səlim müəllimin əyani vasitələrdən istifadə etməsi ikiqat effekt yaradır. Yaxşı olardı ki, yaxın aylarda hökumətin hesabatında da bu üsuldan istifadə edilsin. Belə olduqda həm qulaqla eşidirik, həm də gözümüzlə görürük.
Mən burada Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üçün büdcə layihəsi haqqında çox geniş danışmayacağam, çünki məndən əvvəlki məruzə edənlər bu haqda ətraflı danışdılar. Yalnız bunları demək istəyirəm ki, büdcə layihəsi elmi-metodoloji cəhətdən düzgün hazırlanmışdır. Hətta zarafatla desək, təqdim olunan layihə yaxşı bir namizədlik dissertasiyası da ola bilər. Hər il yeniləşən və yüksələn pensiyalar və sosial təminatlar insanların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşmasına əsas verir. Mən arzu edərdim ki, “Pensiyaçılar arasında yoxsulluğun minimuma endirilməsi” adlı bölmə gələcəkdə yoxsulluğun aradan qaldırılmasına xidmət etsin.
Bu gün ən çox sosial müdafiəyə və təminata ehtiyacı olan kateqoriya məcburi köçkünlərdən ibarətdir. Məcburi köçkünlərin içərisində işləməyən, burada qeyd olundu, müəllimlər və mədəniyyət işçiləri üstünlük təşkil edirlər. Mən də bilmək istəyirəm ki, onların maaşlarını dövlətin hesabına ödəmək olarmı, yoxsa başqa bir forma seçilər? Məcburi köçkünlər arasında bu kateqoriyadan olan insanlar təxminən 20 min nəfər təşkil edir. Yəni 20 min nəfər ailə başçısı deməkdir. Bilirsiniz ki, hər ailə başçısının arxasında ailə üzvləri dururlar. Təkcə Cəbrayıl rayonu üzrə bir rəqəm demək istəyirəm. Bu cür insanlar 2 min nəfərə qədərdir. Onlardan cəmi 200 nəfərə yaxını işə düzəlmək qabiliyyətinə malikdir. Onların maaşlarının verilməsi təkcə maddi vəziyyətlərinin yaxşılaşması yox, eyni zamanda, siyasi xarakter də daşıyır. Məcburi köçkünlər içərisində müəllimlər, mədəniyyət işçiləri əhalinin siyasi cəhətdən aktiv hissələridir və gələcəkdə seçkilərdə onlar müəyyən rol oynayırlar. Xahiş edirəm, bunu nəzərə alsınlar.
Mən Səlim müəllimə müraciət edirəm. Ölkənin məktəblərində, xəstəxanalarında, digər müəssisələrində kifayət qədər yaşlı insanlar var. Xüsusi ilə orta məktəb və ali məktəblərdə özünü daha çox büruzə verir. Mən özüm kafedra müdiriyəm və başçılıq etdiyim kafedranın təxminən yarısı pensiyaçılardan ibarətdir. Onların içərisində sağlamlıq cəhətdən çox zəif olanlar da var. Amma onlar çox az pensiya aldıqlarından işləməyə məcburdurlar. Bundan həm müəllimlərin özləri əziyyət çəkirlər, xəstə ola-ola işə gəlməyə məcburdurlar, həm də cəmiyyət uduzur. Onların tədrisinin o qədər də böyük effekti olmur. Onların da pensiyalarının artırılması, minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması çox yaxşı olardı. Mən hesab edirəm ki, büdcə...
Sədrlik edən. Sağ olun, Astan müəllim. Biz bilirik, Siz hesab edirsiniz ki, büdcə normaldır, qəbul olunmalıdır. Təşəkkür edirəm. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təbii ki, son zamanlar qəbul olunan qanunlarda və dövlət proqramlarında bir növ imtiyazlar və güzəştlərdən ünvanlı yardımlara keçirilməsi əhalinin sosial müdafiəsi baxımından çox təqdirəlayiqdir, çünki bu növ ünvanlı yardımlarda şəffaflıq bərpa olunur.
Keçən il qəbul olunmuş “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa aid bir məsələyə toxunmaq istərdim. Bu qanunun tətbiqi ilə bağlı müəyyən təlimatlar yazılıb. Həmin təlimatlarda əhalinin torpaq və biçənək sahələri də göstərilib. Kimin müvafiq miqdarda torpaq və yaxud biçənək sahəsi varsa, deməli, o, sosial müdafiə yardımı ala bilməz. Bu mənim seçilmiş olduğum Gədəbəy-Tovuz bölgəsinə xas olan xarakterik xüsusiyyətlərdir. Nəzərinizə çatdırım ki, Gədəbəy rayonunun 123 kilometri və Tovuz rayonunun 90 kilometri Ermənistanla həmsərhəddir. Müvafiq illərdə bu sərhəd boyu Ermənistan ordusu tərəfindən minalar yerləşdirilib. Əhalinin əkin və biçənək sahələri həmin zonalarda qalıb. Əhali bunlardan çox məhdud şəkildə istifadə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi burada iştirak etdiyinə görə ona müraciət etmək istərdim. Gələcəkdə bu təlimata uyğun hansı meyarların daha da təkmilləşdirilməsi gözlənilir? Bu məsələ təkcə mənim rayonuma aid deyil. Təmas xəttində yerləşən Qarabağ rayonlarından olan millət vəkilləri də təsdiq edə bilərlər ki, əgər insanlar öz sahələrindən istifadə edə bilmirlərsə, onların gəlirləri azdırsa, onlara ünvanlı sosial yardımları tətbiq etmək daha məqsədəuyğun olardı. Mən qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımı bu qanun layihəsinə müsbət rəy vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Ayrı-ayrı fərdlərlə, zümrələrlə, ümumilikdə, əhalinin maddi durumu ilə bağlı deyilən bütün fikirlərə qoşuluram və hesab edirəm ki, bütün bunların reallaşması Azərbaycan cəmiyyətinin ümumi inkişafına təkan verən məsələlərdir. Amma fikrimcə, bir sıra irəli sürülmüş məsələlər bilavasitə Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərindən kənardır. Bunun üçün qanunvericilik bazası hazırlanmalıdır və sonradan biz bu işləri Dövlət Sosial Müdafiə Fondundan tələb etməliyik.
Bəzən pis işləyən məmurlar haqqında kəskin söz deməyə ya cəsarətimiz çatmır, ya da pis olmaq istəmirik. Amma yaxşı iş haqqında yaxşı söz söyləmək, ədalətli olmaq vacibdir və yaxşı işlərə layiqli qiymət vermək lazımdır. Bu mənada Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi büdcə layihəsi elmi cəhətdən kifayət qədər əsaslandırılmış, Azərbaycanın bugünkü iqtisadi durumuna uyğun şəkildə hazırlanmış və bizə təqdim edilmişdir. Büdcə bir neçə cəhətinə görə xüsusi diqqət çəkir. Maliyyə tutumu irəli sürülən təkliflərin əhalinin vəziyyətinin yaxşılaşdırılmasına doğru istiqaməti, yönümü, özünümaliyyələşdirmə sahəsində atılan addımlar, fərdi uçotun təşkili, təqaüdlərin kredit kartı ilə verilməsi ilə bu sahədəki neqativ halların aradan qaldırılması və digər məsələlərə əsaslanaraq birmənalı şəkildə demək olar ki, büdcə kifayət qədər yaxşı büdcədir, bunu qəbul etmək olar və buna səs vermək lazımdır. Zahid müəllimin sözü olmasın, Səlim müəllim bu gün respublikada öz yerində olan məmurlardan biridir. Bu, xoşa gəlmək üçün deyilən söz deyil, obyektiv reallıqdır və mənə elə gəlir ki, həmkarlarım da bunu təsdiq edərlər. Ona görə də mən büdcəyə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram.
Keçən dəfə mənim vaxtım çatmadığı üçün bir arzumu açıqlamağa imkanım olmadı. İctimai televiziya üçün büdcədən ayrılan vəsait 11 milyondan 7 milyona endirilmişdir. Mən bilmirəm, bu nəyə əsaslanır? İctimai televiziya bir illik fəaliyyətində Azərbaycan xalqının tarixi, mədəniyyəti, dili, milli adət-ənənələri ilə bağlı kifayət qədər işlər görüb. Ona görə də hesab edirəm ki, bu, bir yaşı tamam olmuş sağlam bir uşağın qapıdan çölə atılmasıdır. Ona görə mən istərdim, bu fikrimi maliyyə naziri eşitsin, həmin məsələ üzərində düşünülsün və bəlkə də bunun əsaslandırılmış bir formasını bizə desin. Güman edirəm ki, televiziyaya belə formada yanaşılması məqsədəuyğun deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Ədalət naminə demək lazımdır ki, istər dünənki dövlət büdcəsinin, istərsə də bugünkü Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin müzakirəsi çox yüksək səviyyədə keçirilir. İstər məruzə ilə çıxış edən hökumət üzvləri, istərsə də hörmətli həmkarlarım, hesab edirəm ki, bu məsələyə vətəndaşlıq mövqeyindən və böyük prinsipiallıqla yanaşırlar. Qeyd etmək istəyirəm ki, uğurlarımız da böyükdür. Bu bizi sevindirir. İstər əvvəlki illərlə müqayisədə büdcə vəsaitinin 47 faiz artması, istərsə də bugünkü layihədə maliyyənin 56 faiz artması o deməkdir ki, Azərbaycanda dövlət siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla irəli aparılır. Ona görə də həmkarlarım kimi mən də bu layihəni dəstəkləyirəm, ona səs verəcəyimi öncədən bildirirəm.
Çıxış edənlər öz sahələri, onları maraqlandıran məsələlər baxımından təkliflərini verirlər. Mən də bu çərçivədən qırağa çıxmadan 2-3 prinsipial təkliflərimi demək istəyirəm. Birinci, əslində, təklif deyil. Layihənin xərclər göstərilən hissəsində 2-ci bənd “Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri” adlanır. 11 milyona yaxın xərc nəzərdə tutulur. Mən başa düşə bilmirəm, digər aparıcı sahələrə təqribən 7-8 milyon, 11 milyon, 12 milyon ayrıldığı halda niyə bu bənddə belə böyük bir rəqəm göstərilir. Bu, təqribən xərclərin 1,3 faizi deməkdir. Adətən, bizə yoxlama gələndə 0,3–0,4 faiz olanda bizə iradlar tutulur. Bu necə ola bilər? Bu əməliyyatlar Kapital bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilir. Ola bilər, başqa banklar da əlavə olunur? Soruşulur ki, bu banklara xeyirxah insanlar rəhbərlik edir, onlar bunu çox cüzi qiymətə edə bilərlər? Nə səbəbə 11 milyon manat belə bir vəziyyətdə pensiyaların paylanmasına verilsin?
İkinci, bayaq dediyim çərçivə daxilində bilavasitə alimlərin pensiyası ilə bağlıdır. Millət vəkili Astan müəllim çox düz dedi. Təsəvvür edin, bu gün Azərbaycanda 1500 professor var. Bunların hər biri sovet dövründə raykom katibinin aldığı məvacibin 2 misli qədər məvacib alırdı. Onlar yaxşı həyata, yaxşı dolanmağa, yaxşı istirahət etməyə öyrənmişdilər. Keçid dövrü deformasiya oldu. Bu gün yavaş-yavaş həmin deformasiyalar aradan qalxır. Yaşı gəlib çatanda biz professoru pensiyaya çıxarmalıyıq. Biz onu pensiyaya çıxara bilmirik. 80 yaşındadır, deyir, məni küçəyə necə atırsan, mən pensiya ilə ailəmi necə dolandıra bilərəm? Büdcədə biz bunu nəzərə ala bilmiriksə, heç olmasa, Dövlət Sosial Müdafiə Fondunda bu biri məsələni həll edə bilək. 1500 professoru yeniləşdirmək mümkün deyil, işdən çıxara bilmirik, yeni nəsil də gələ bilmir. Hörmətli Ziyafət müəllim bunları bilir. Onların kafedralarında və yaxud hüquq fakültəsində də belə alimlər var.
Üçüncü, əksinə olan bir məsələni də deyim. Hüquq mühafizə orqanlarının bəzi sahəsində çalışan adamlar pensiyaya çıxanda daha çox pul alırlar, nəinki universitet professoru. Ona görə ki, müəyyən müddət hüquq mühafizə orqanlarında işləyib. Burada disproporsiya yaranır. Vaxtilə professor ondan 5 dəfə çox maaş alırdı, sosial problemlərini həll etməyə öyrəşmişdi, bu gün o belə ağır vəsiyyətə düşüb. Ona görə Səlim müəllimdən xahiş edirəm, heç olmasa, 1500 nəfərin sosial müdafiəsi məsələsinə ciddi baxılsın. Bütövlükdə mən bu layihəni bəyənirəm və ona səs verəcəyəm, həmkarlarımı da səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Abel müəllim. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Milli Məclis! Mən burada millət vəkilləri tərəfindən deyilən bir sıra fikirlərə qatılıram. Layihəyə səs verəcəyik, onu qəbul edirik. Amma mən büdcənin müzakirəsi zamanı səsləndirdiyim bir fikri bir daha burada sizə xatırlatmaq istəyirəm. Bu da Azərbaycanda ailələrin, xüsusi ilə anaların vəziyyəti ilə bağlıdır. Azərbaycan ənənəvi olaraq çoxuşaqlı ailələr ölkəsidir, yəni bizim analarımız bu cəhətdən fərqləniblər. Çoxlarımızın uşaqlıqda aldığımız uşaq pulu yadımızdadır, çoxları onunla yaşayıblar. Nədən xarici ölkələrin təsiri ilə Azərbaycanda analara verilən uşaq pulları ləğv olunub? Onun əvəzinə Dövlət Sosial Müdafiə Fondu nə nəzərdə tutur? Biz bu barədə təəssüf ki, aydın bir cavab eşidə bilmədik. Azərbaycanda ailənin planlaşdırılması adı altında, mənə elə gəlir, uşaq artımının qarşısını almaq siyasəti aparılır. Bu da dolayı yolla bizim büdcədə ailələrə maliyyə xətti ilə münasibətimizə müəyyən təsir göstərir. Mən bunun konkret cavabını eşitmək istəyirəm. Bəlkə bizə bəlli olmayan ayrı yol var və ləğv olunan uşaq pullarının əvəzinə ailələrə yardım göstərilir. Mən burada misal çəkdim. Rusiyada, Ukraynada və bir sıra başqa ölkələrdə ikinci, Ukraynada hətta birinci uşağa görə dövlət tərəfindən müavinət, yardım verilir. Amma Azərbaycanda bu kəsilib. Mən bunun mənasını başa düşə bilmirəm.
Məndən əvvəl də bu haqda deyildi. Mən də çox istərdim ki, biz 1990–1995-ci illərdə bu parlamentdə bizimlə yanaşı oturmuş, sayca çox da olmayan millət vəkillərinin təqaüd məsələsini həll edək. Həmin adamlar Azərbaycanın müstəqillik aktına qol çəkmişlər. Bu gün bəzi məmurlarımız deyirlər ki, biz 1991-ci il 18 oktyabr ilə 28 mayı birləşdirmişik. Mən başa düşmürəm, kim tarixi dəyişə bilər? Bütün dünya bizi təbrik etdi, biz isə bu bayramı qeyd etmədik. Amma bu bizim müstəqillik bayramımızdır. Əgər hesab edirlər ki, bu məsələdə guya milli liderimiz Heydər Əliyevin tarixdəki rolunu böyüdürlər, əksinə, tamamilə səhv yol tuturlar.
Sədrlik edən. Sabir müəllim, bu məsələnin gündəliyə aidiyyəti yoxdur axı. Mən başa düşürəm, Siz nə deyirsiniz. Amma bu məsələyə aidiyyəti yoxdur.
S. Rüstəmxanlı. 1990 və 1995-ci il parlamentinin səlahiyyətini və tarixdəki rolunu qətiyyən kiçiltmək olmaz. Həmin adamların təqaüd məsələsi haqqında düşünməliyik. İmkan varsa, onlara da pensiya təyin olunmalıdır. Ziyafət bəy, mən bir həmkar kimi Sizdən xahiş edirəm, bir az səbriniz olsun. Çox gözəl iclas gedir, Sizin öz sözünüz var, mənim öz sözüm var və öz sözümə də cavabdehəm.
Sədrlik edən. Sabir müəllim, mənim əsəblərim yerindədir, əsəbiləşmirəm. Sadəcə, təsdiq olunmuş gündəlik var və gündəlik üzrə də danışmaq lazımdır. Mən Sizdən başqa heç nə tələb etmədim, heç nə demədim. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hökumət üzvləri! Doğrudan da, mübaliğəsiz demək olar ki, 2 gündür biz həm 2007-ci il üçün büdcə layihəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini aparırıq. Çox konstruktiv söhbətlər, müzakirələr gedir. Bu da tamamilə təbiidir, çünki təqdim olunan sənədlərin səviyyəsi, elmi çəkisi beynəlxalq səviyyəyə tamamilə uyğun gəlir. Dünən büdcə layihəsinin təqdimatını xüsusi qeyd etdim, yüksək səviyyədə, müasir üsulda hazırlanıb. Son dövrdə Dövlət Sosial Müdafiə Fondunda aparılan pozitiv işləri də qeyd etməyi özümə borc bilirəm. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu gün MDB məkanında ən aparıcı mövqeyə malik bir fonddur, yəni burada yaradılmış mexanizmlər olduqca təqdirəlayiqdir. Həm büdcə layihəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə baxarkən bir daha əmin olursan ki, bu gün, doğrudan da, Azərbaycan cəmiyyətində sosial yönümlü iqtisadiyyat formalaşmışdır. Hər iki büdcə sosial yönümlüdür. 920 milyon yeni Azərbaycan manatından yüksək büdcə xərcləri nəzərdə tutulub. Bu, ümumilikdə, bizim bədnam qonşuların büdcəsi qədərdir. Əlbəttə, bu, xüsusi qeyd olunmalıdır və təqdir olunmalıdır. Ona görə də mən büdcə layihəsini tamamilə dəstəkləyirəm, ona səs verirəm və həmkarlarımı da dəvət edirəm ki, bu layihəyə səs versinlər.
Bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Dünən vaxt olmadı, bu barədə danışa bilmədim. Bu gün həmkarlarım həmin məsələni qaldırdılar. Azərbaycanda həm ali məktəblərdə, həm də elmi tədqiqat institutlarında 1661 nəfər, dəqiq rəqəm deyirəm, elmlər doktoru, professor fəaliyyət göstərir. Elmlər namizədləri ilə birlikdə bu rəqəm 10 min 35-dir. O qədər də böyük rəqəm deyil. Elmi dərəcəyə görə maaşların artması üçün bugünkü büdcəmizin və iqtisadiyyatımızın da tam imkanları var. Hesablamalar da göstərir ki, elmlər doktorlarına, professorlara elmi dərəcəyə görə verilən əlavələrin səviyyəsini 500 dollara, elmlər namizədlərinə isə 350 dollara çatdırılması üçün o qədər də böyük vəsait lazım deyil. Bunun miqdarı 25 milyon, hətta ondan da bir qədər az Azərbaycan manatıdır. Belə bir resurs bu gün bizim respublikamızda mövcuddur. Bunu etmək lazımdır.
Amma müzakirə olunan məsələ ilə bağlı hörmətli Səlim müəllimin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Bu gün ali məktəblərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmaların səviyyəsi 22 faizdir. Verilən faktik əmək haqqından isə 3 faiz ayırmalar olur. Dünən də səsləndi, bu gün də mən təkrar etmək istəyirəm, ali məktəblərdə əsas mənbələrdən biri əlavə vəsait hesabına müəllimlərin əmək haqlarının müəyyən səviyyədə saxlanılmasıdır. İnandırım sizi ki, əlavə vəsait hesabına biz əmək haqqını artırarkən, elə bir rəqəm yaranır ki, qətiyyən maliyyə baxımından universitet üçün sərfəli olmur. Bəlkə verilən əmək haqqından 3 faiz tutulmasın? Bu məsələyə necə baxmaq olar? Xahiş edirəm, burada nəzərə alın ki, bu gün cəmiyyətimizdə müəllimlərdən və tibb işçilərindən çox sosial müdafiəyə ehtiyacı olan ikinci kateqoriya işçilər yoxdur. Mən istəmirəm təkrar...
Sədrlik edən. Sağ olun. Hikmət Atayev.
H. Atayev. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli qonaqlar! Mənim çıxışım məndən əvvəl çıxış edən deputatın müəyyən qədər ardıdır, təsadüfən belə oldu, ancaq elədir. Mən səhiyyə işçilərinin pensiyaları haqqında danışmaq istəyirəm. Mən özüm səhiyyə işçisiyəm, 30 ilə yaxın həkim işləmişəm. Bu gün sizə bir fakt deyim. Fikrimcə, tibb işçilərinin zəhmətinə qiymət verərkən əhalimizin sağlamlığına müəyyən qədər münasibət bildirmiş oluruq. Yəqin, mənimlə razılaşarsınız ki, bu gün hələlik həmin qiymət o qədər də yüksək deyil. Bunu biz respublikamızın kifayət qədər imkanları olmaması ilə izah edirik. Ancaq respublikamız, iqtisadiyyatımız günü-gündən inkişaf edir. Mən inanıram ki, yaxın vaxtlarda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasında olacaqdır. Belə olduğu halda səhiyyə işçilərinin maaşları həmin dövlətlərdəki səhiyyə işçilərinin maaşları ilə bərabər olmalıdır. Elə olan halda təqribən nə çıxacaq? Təsəvvür edin ki, bu gün işləyən səhiyyə işçiləri sabah pensiyaya çıxarkən yenə narazı qalacaqlar.
Belə bir misal. 3 ildən sonra səhiyyədə maaşlar 2 min dollara qədər qalxarsa, biz 140 ayın orta məxrəcini çıxararkən həmin adamlara çox az maaşlarla müqayisə edilməyən pensiya vermiş olacağıq. Ona görə Səlim müəllimdən xahiş edirəm, əgər mümkündürsə, 140 ayın orta məxrəcini çıxarmaqla pensiya müəyyən edilsin. Hesab edirəm ki, bu, düzgün olardı. Sovet vaxtlarında maaşlar dəyişilmirdi və insanların maaşları işlədikləri müddətdən asılı olurdu. Məsələn, həkimlər bir oklada və ya oklad yarıma işləyirdilər, gecə növbələri var idi. Hazırda maaşlar günü-gündən dəyişilir. Belə olduğu halda mən hesab edirəm ki, insanlar, xüsusi ilə də tibb işçiləri pensiyaya çıxarkən onların pensiyası 144 ayın orta məxrəcindən yox, son ayların zəhmət haqqından hesablanması yaxşı olardı. Məndən əvvəl çıxış edən deputatın dediyi kimi, bu gün ən aztəminatlı insanlar dövlət büdcəsindən maliyyələşən həkimlərlə müəllimlərdir. Hesab edin ki, pensiyaya çıxarkən həkimlərin və müəllimlərin bir o qədər də ehtiyatı olmayacaq. Belə olan halda bu gün işləyən və maaşlarından narazı olan həkimlər sabah pensiyaya çıxarkən yenə narazı qalacaqlar. Xahiş edirəm, bunu nəzərə alın və Səlim müəllim, mümkünsə, buna izahat versin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təqdim olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin 1.0.5-ci maddəsində “Təminat xərcliyi” anlayışı verilərkən ərzaq payının müqabilində verilən pul kompensasiyası göstərilməmişdir. Hal-hazırda qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 40-cı maddəsində ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərdə tutulur. Digər tərəfdən, hesab edirəm ki, pensiya hesablanarkən hərbi qulluqçuların yalnız vəzifə maaşları faizə bölünə bilər. Rütbə maaşları, ixtisas dərəcələri və ərzaq payı müqabilində verilən pul kompensasiyası pensiya məbləğinin üzərinə tam əlavə edilməlidir. Layihədə işləyən pensiyaçılara pensiyanın 50 faizinin ödənilməsi nəzərdə tutulur. Qüvvədə olan qanunun 48-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, təqdim edilmiş pensiyalar pensiyaçının əmək haqqının və ya digər gəlirin olmasından asılı olmayaraq tam ödənilir. Bu isə Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə ziddir.
Hörmətli Ziyafət müəllim, bu layihə ilə Siz özünüz məşğul olmusunuz. Mən orada iştirak etdim. Layihədə göstərilən bu müddəanın qəbul edilməsi Konstitusiya normasının və hərbi qulluqçuların hüquqlarının pozulmasına gətirib çıxaracaq. Hər bir dövlət öz ordusuna dövlət qayğısının gücləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq işlər aparır. Biz də çalışmalıyıq ki, hərbi qulluqçuların sosial müdafiəsi, o cümlədən pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən qanunlar qəbul edək. Bütün dövlətlər öz ordusunu gücləndirməkdən ötrü hərbiçilərin xidmətlərinə böyük qiymət verirlər. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət onlara bütün imtiyazları verir ki, hərbiçilər də vətənin müdafiəsində dursun və canlarını qurban versinlər. Biz bunu niyə etmirik?
Hörmətli Prezidentimiz Silahlı Qüvvələrin Ali baş komandanı respublikanın müharibə şəraitində olmasını nəzərə alaraq hərbi qulluqçuların həyat şəraitinin yaxşılaşdırılmasından ötrü büdcədən 1 milyard manatdan artıq vəsait ayırdı. Ordumuzda ruh yüksəkliyinin artırılması məqsədi ilə millət vəkillərindən xahiş edirəm, həyatını orduya və hərbiyə bağlayan, daim ölümlə üzləşən, vətənin ağırlığını çiyinlərində saxlayan, əmək haqqı ilə yaşayan hərbiçilərin müqəddəratı ilə bağlı məsələyə ciddi yanaşsınlar. Mən hesab edirəm ki, hərbiçilərin pensiya ilə bağlı məsələsinin bu gün müzakirəyə çıxarılmasına ehtiyac yoxdur. Bu məsələni respublikamızın torpaqları düşmən tapdağından azad edildikdən sonra müzakirəyə çıxarmaq olar. Mən bu məsələ ilə əlaqədar çox danışmaq istəmirəm. Biz hamımız - respublika ictimaiyyəti, nazirliklər Silahlı Qüvvələrə xidmət etməli və onlara yaxından kömək göstərməliyik. Bu gün əgər biz bu məsələni qəbul etsək, silahlı qüvvələrdə şəxsi heyət arasında bir az anlaşılmazlıq olar. Ona görə xahiş edirəm, bu məsələyə ciddi baxaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım, hörmətli Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim müəllim və dəvət olunan qonaqlar! Mən də hesab edirəm ki, büdcə zərfinin tərkib hissəsində olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsi müzakirəmizə çox yaxşı hazırlanmış halda və müsbət pozitivlərlə təqdim olunubdur. Ölkə başçısının bütün sahələrə olduğu kimi, bu təbəqədən olan insanlara xüsusi qayğısını mən qeyd etmək istəyirəm. Dövlət başçısı bu sahəyə xüsusi önəm verir. Büdcənin artımı ilə bağlı bu sahələrdə inzibatçılığı artırmaq şərti ilə 2007-ci ildə çox böyük göstəricilər proqnozlaşdırılıb. Bu qurumun sədri hörmətli Səlim müəllimin rəhbərliyi ilə burada qeyd olunan bütün pozitivlər təmin olunacaqdır. Bu təbəqədən olan insanların, vətəndaşların sosial müdafiəsi təmin ediləcəkdir. Əgər bizə təqdim olunmuş bu layihəyə diqqət yetirsək, bütün sahələrdə artım olduğunu görərik. Cari illə müqayisədə 56,1 faiz artım, qeyd etdiyim kimi, inzibatçılığın güclənməsi sayəsində əldə edilibdir. Proqnozlar burada göstərilib, bunun nəticəsində biz bu artımlara nail olacağıq, artımlar 2007-ci ildə öz əksini tapacaqdır.
Təqdim olunan rəngli şəkildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində məcburi dövlət sığorta haqları üzrə 58,9 faiz artım nəzərdə tutulub. Bunlar da uğurlu islahatların nəticəsidir ki, biz bunları ilbəil müşahidə edirik və həmin sahədə görülən işlərə deputat kimi qiymət veririk. Hörmətli professor Fəzail müəllimin fikri ilə tam şərikəm ki, müvafiq icra hakimiyyəti orqanına rəhbərlik edən adam yerində olanda həmin sahədə həm dönüş olur, həm də inzibatçılıq artırılır, bu sahəyə daim diqqət yetirilir. Yaxın bir adam kimi hörmətli Səlim müəllimin dəvəti ilə bir neçə dəfə bir neçə həmkarımla orada olmuşuq. Orada bütün arxiv sənədləri müasir informasiya texnologiyalarına uyğun formalaşdırılır. Aparılan islahatlar məni bir vətəndaş kimi ümidvar edir ki, biz ilbəil Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artımına nail olacağıq. İnzibatçılığın mütəxəssislər və rəhbərlik tərəfindən yüksək keyfiyyətlə icra olunmasında, yerinə yetirilməsində məhz belə pozitivlərə gəlib çıxırıq.
Hörmətli həmkarlarım fikir verdilərsə, təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsindəki 7-ci maddə keçənilki büdcə layihəsində də nəzərdə tutulmuşdu. Büdcənin icrası zamanı dövlət sosial haqlarının hesabına ödənilən pensiya və müavinətlər, habelə digər maddələr üzrə qənaət yarandığı halda bu məbləğ başqa maddələrə istiqamətləndirilə bilər. Bu da mütərəqqi haldır. Ona görə də hesab edirəm ki, ilbəil artan belə pozitivlər, ölkə başçısının göstərişi və diqqəti sayəsində bu sahələrdəki inkişaf, dövlət başçısı dünənki çıxışında qeyd etdiyi kimi, nəticədə ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşmasına gətirib çıxarır. Bu baxımdan 2007-ci il dövlət büdcəsinin tərkibində olan Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsinin layihəsi çox mütərəqqi bir sənəddir. Mən bu büdcənin yerinə yetirilməsində iştirak edəcək bütün insanlara və şəxsən Səlim müəllimə uğurlar diləyirəm. 2007-ci ildə insanların sosial rifahına xidmət edəcək bu büdcə uğurlu olsun deyirəm. Ümidvaram ki, bütün göstəricilərə əməl ediləcəkdir. Büdcənin qəbul...
Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.
G.Əhmədov. Hörmətli sədarət, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Dünən mən üzrlü səbəbdən iclasda iştirak edə bilmədim. İndi maliyyə naziri iclasda iştirak etməsə də, İqtisadi siyasət daimi komissiyasının üzvləri iştirak edirlər. Mən bir neçə kəlmə ilə büdcə ilə əlaqədar məsələlərə toxunacağam. Bir neçə gündür bu sənədləri müzakirə edirik. Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcə layihəsini müzakirə etməklə gələn il üçün iqtisadi və sosial inkişafın əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən edirik. Əlbəttə, sevindirici haldır ki, respublika iqtisadiyyatının artımı ilbəil davam etmişdir. Düzdür, bu iqtisadi artıma dünya bazarlarında neftin qiymətinin artması əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Lakin buna baxmayaraq ölkədə əsas makroiqtisadi göstəricilərin müsbət inkişafı davam etmişdir. Son illər respublikamızda ümumi daxili məhsulun artımına görə dünyada birinci yerdə olması buna əyani sübutdur. Bu bir daha göstərir ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi xalqımızın yaşayış səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Statistikaya nəzər salsaq, son illər ərzində büdcənin 3-4 dəfə artdığının şahidi olarıq. Bu artım isə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi, o cümlədən şəhərlərin abadlaşdırılması, yeni səhiyyə ocaqlarının açılması, mədəniyyət və idman obyektlərinin tikintisi və xalqımızın sosial müdafiəsi üçün lazım olan imkanları genişləndirir.
Mən burada xüsusi ilə kənd təsərrüfatı ilə əlaqədar bəzi məsələlərin üzərində dayanmaq istəyirəm. Gələn il üçün kənd təsərrüfatında 1,6 milyard yeni Azərbaycan manatı qədər əlavə dəyər və real artımın 10 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Əlbəttə, sovet dövründə respublikamızda ümumi daxili məhsulun, demək olar ki, 30 faizini kənd təsərrüfatı məhsulu təşkil edirdi, indi isə 10-12 faiz kənd təsərrüfatının payına düşür. Bu çox azdır. Hər halda kənd təsərrüfatı mallarını, məhsullarını artırmaq üçün bu sahəyə qoyulan investisiyaların miqdarını artırmaq lazımdır. Eyni zamanda, həmin investisiyaların səmərəli istifadəsinə də nəzarət etmək lazımdır.
Bugünkü büdcə layihəsindən aydın olur ki, 2006-cı illə müqayisədə kənd təsərrüfatında 13 faiz artım nəzərdə tutulubsa, qeyri sahələrdə bu artım 50 faizdir. Kənd təsərrüfatına xüsusi diqqət artırılmalıdır. İlk növbədə toxumçuluq, damazlıq işlərinin maliyyələşdirilməsi vacibdir. Əgər bu gün kənd təsərrüfatında məhz süd istehsalını artırmaq istəyiriksə, toxumçuluğun inkişafına investisiyalar qoyulmalıdır. Respublikada kənd təsərrüfatı sahəsində böyük elmi potensialı olan elmi tədqiqat institutları mövcuddur. Bilirəm ki, Azərbaycan elmi tədqiqat əkinçilik institutunda yeni məhsuldar sortların yaradılması, toxumçuluğun inkişafı sahəsində çox böyük elmi işlər aparılır. Ancaq bu sortların yaradılması və həmin sortların toxumçuluğunun tətbiqi böyük vəsait tələb edir. Bu məsələyə xüsusi diqqət artırılmalıdır. Bu işləri həyata keçirmək üçün, hesab edirəm ki, kənd təsərrüfatına qoyulan investisiyalar artırılmalıdır. Hesab edirəm ki, aqrar sahədə fundamental elmi işlərin aparılması üçün maliyyə vəsaitlərinin artırılması çox vacibdir.
Milli Elmlər Akademiyası sistemində əmək haqlarının aşağı olması burada dəfələrlə qeyd olundu. Mən kənd təsərrüfatı elmi tədqiqat institutları əməkdaşlarının əmək haqlarının çox aşağı olmasını dəqiq bilirəm. Ona görə də elmi işçilərin əmək haqlarının artırılmasını xahiş edərdim. İqtisadi siyasət daimi komissiyası bu məsələyə ciddi yanaşsın. Dövlət büdcəsində ortaya çıxan problemləri həll etmək olar.
Bu gün burada Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim müəllim çıxışında bəzi rəqəmlər gətirdi. Həmin rəqəmlər yeniliklərdən xəbər verir. Bu yeniliklər bizim deputatlar, eləcə də xalqımız üçün çox xeyirlidir. Ümumilikdə, dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcə layihələri mükəmməl hazırlanıb, Azərbaycan reallıqlarını tam əks etdirir. Layihəyə səs verəcəyəm, eyni zamanda, həmkarlarımı müsbət səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputat həmkarlarım, bir məsələni yadınıza salmaq istəyirəm. Biz artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edirik. Dövlət büdcəsinin müzakirəsini dünən artıq yekunlaşdırdıq. Xahiş edirəm, bunu nəzərə alasınız. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım! Mən bizə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üçün büdcəsinin layihəsini mükəmməl və günün tələblərinə cavab verən bir sənəd hesab edirəm. Sevindirici haldır ki, ildən-ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artır. Bu, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir. Bir çox sahələrdə uğurlar olduğu kimi, biz sosial müdafiəyə də ayrılan vəsaitlərin artırılmasına nail oluruq. Bizim hər birimiz dəfələrlə seçicilərlə görüşlər zamanı onlardan pensiyaların, müavinətlərin artırılmasına dair xahişləri, təklifləri eşidirik. Hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə etdikdə ilk növbədə fikirləşirik ki, seçicilərimizə onların tapşırıqlarının yerinə yetirilməsi barədə hesabat verə biləcəyik. Bu sevindiricidir ki, həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artır, həm də gələn il üçün artıq xərclənmə istiqamətləri çoxalmışdır və yeni istiqamətlər meydana gəlir. Onların bir neçəsini xüsusi ilə qeyd etmək istəyirəm.
Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının, haqqı ödənilən ictimai işlərin təşkilinə, işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi üçün vəsaitlərin nəzərdə tutulması da göstərir ki, artıq fond öz işlərini daha geniş, günün tələblərinə cavab verən istiqamətdə qurur. Əlbəttə, fondun işinin mükəmməl qurulması, ilk növbədə, fondda sağlam əhvali-ruhiyyənin yaradılması ilə də bağlıdır. Cənab Səlim Müslümovun rəhbərliyi ilə fondda iş yüksək səviyyədə qurulmuşdur. Dəfələrlə oraya etdiyim müraciətlərə məni qane edən və şikayətçinin problemlərinin həll edilmə istiqamətində cavab alıram. Bu gün gənclər arasında Dövlət Sosial Müdafiə Fondu sistemində işləmək istəyənlərin sayı durmadan artır. Bu özü göstərir ki, Azərbaycanda daha bir dövlət strukturu əhali arasında nüfuza malikdir və həmin nüfuz durmadan artır. Mən sənədə səs verəcəyimi bəyan edirəm. Burada bizə təklif edilən variantı qəbul edirəm. Eyni zamanda, bir-iki təklifimi də vermək istəyirəm.
Mənim verdiyim təkliflərin artıq bir neçəsi səsləndirilib. Bildirmək istəyirəm ki, mən deputat həmkarlarımın təkliflərini dəstəkləyirəm. 3 il ərzində Azərbaycanda 470 minə qədər yeni iş yeri açılıb və iş yerləri ildən-ilə artır. Azərbaycanda artıq işsizlik azalmaqdadır. Hiss edirəm ki, “işsizliyin ləğv olunması”, sadəcə, şüar deyil. Bir neçə ilə nəzərdə tutulmuş proqram deyil. Bu, onilliklərlə gedəcək. Müəyyən bir müddətdən, təxminən 7-10, uzağı 15 ildən sonra Azərbaycan işsizlər ölkəsindən artıq işçi tələb olunan bir ölkəyə çevriləcək, çünki 3 ildə 470 min iş yeri yaradılıb. Məktəblərin, yolların tikintisi, yeni müəssisələrin, xidmət sahələrinin açılması o deməkdir ki, Azərbaycanda artıq işçiyə tələbat olacaq. Azərbaycan əhalisinin bir qismi artıq miqrasiyaya meyillidir. 15 ildən sonra işçini, özü də hazırlıqlı işçini Azərbaycan sənayesi haradan alacaq? Bu gün Rusiyanı, Qazaxıstanı, Ukraynanı gözləyən problem 15 ildən sonra Azərbaycanı gözləyir. Yəni Azərbaycana işçi lazım olacaq. Bu isə Çindən, Yaxın Şərqdən, İrandan işçilərin kütləvi surətdə Azərbaycana axınına səbəb olacaq. Bu problemin indidən tənzimlənməsinə, yəni ailələrdə 2-ci, 3-cü, 4-cü uşağa görə əsaslı müavinətlərin verilməsi siyasətinə başlamaq lazımdır. Demirəm ki, mütləq bu, 2007-ci ilin planında nəzərdə tutulsun. Ancaq müvafiq strukturlar bunun üzərində ciddi surətdə işləməlidirlər. Azərbaycan ailələri bir qayda olaraq çoxuşaqlı ailələr olub. Ancaq indidən, 15-20 ildən sonra qarşımıza çıxacaq problemin həlli üçün çox güclü surətdə iş görmək lazımdır.
Qaldıracağım ikinci problem – Əfqanıstan müharibəsi veteranlarının problemi haqda Əfqanıstan Müharibə Veteranları İttifaqının Mingəçevir təşkilatı məndən xahiş edib. Əfqanıstan müharibəsində Azərbaycandan yüzlərlə oğullar iştirak ediblər. 286 nəfər azərbaycanlı orada həlak olub. Onların səkkizi Mingəçevirdəndir. Onların böyük əksəriyyəti, 95 faizə qədəri subay olub. Ancaq çox təəssüf ki, “Şəhid statusu haqqında” Qanunda Əfqanıstan müharibəsində həlak olanlara şəhid statusu verilməyib. Buna görə də onların indi ahıl yaşında olan valideynləri şəhid valideynləri statusundan istifadə edə bilmirlər. Valideyn üçün fərqi yoxdur, onun oğlu hansı müharibədə həlak olubdur. O vaxtkı dövlətin, quruluşun tələbi ilə onlar öz hərbi borclarını yerinə yetiriblər. Mən hesab edirəm ki, “Şəhid statusu haqqında” Qanunda dəyişiklik etməliyik və Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılara da şəhidlik statusu verilməlidir.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və mətbuat nümayəndələri! Bu gün biz Dövlət Sosial Müdafiə Fondunun təqdim elədiyi sənədi müzakirə etməyə başlamışıq. Mən də burada deputat həmkarlarımın dedikləri müsbət fikirlərə qoşuluram. Qeyd etmək istəyirəm ki, sosial müdafiə paketi əsaslandırılmış formada və müsbət tendensiyaya uyğun olaraq hazırlanmışdır. Son illərdə sosial müdafiə sahəsində vaxtilə ölkədə çox acınacaqlı vəziyyətdə olan durumun yaxşılandırılmasına doğru uğurlu addımlar atılır. Bu addımları mən də müsbət qiymətləndirirəm.
İkinci, sosial müdafiə xərclərinin bu il 56 faiz artması da müsbət tendensiya kimi qeyd olunmalıdır. Amma bununla yanaşı, bizim sosial müdafiə sahəsində ciddi problemlərimiz var. Həmin ciddi problemlərin ən böyüyü ondan ibarətdir ki, çox böyük bir sahəni əhatə eləyən sosial müdafiə sistemi bu sistemə baxan adamların ehtiyaclarını ödəməkdən xeyli aşağı səviyyədədir. Belə ki, bu gün minimum pensiyalar hələ ki üstünlük təşkil edir. Baxmayaraq ki, son bir ildə əmək pensiyaları sosial pensiyalardan artıq üstün kimi görünür. Bu da müsbət tendensiyadır. Amma bununla yanaşı, təxminən 600-700 min adam minimum pensiya alır. Bu pensiyaları alanlar ən minimum ehtiyaclarını ödəmək imkanlarına malik deyildirlər. Əgər nəzərə alsaq ki, bazar bahalaşır, insanların ödədikləri kommunal xərclər nəinki ildən-ilə, bəzən aydan-aya artır, evlərə sayğac qurulmadan kommunal xərcləri bir neçə dəfə artıq alınır, onda bizim pensiyaçıların vəziyyəti aydın olar.
Mən bir məsələnin üzərində xüsusi dayanmaq istəyirəm. Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyindən xahiş etmək istəyirəm. Heç olmasa, pensiyaçıların ehtiyaclarını ödəməyən pensiyaların indeksləşdirilməsi barədə fikirləşmək lazımdır. Bəzən bu ay aldığı 30 manatla 3 ay sonra aldığı məhsulları ala bilmir. Bazar o qədər bahalaşır ki, onun o aldığı 30 manat xeyli dərəcədə aşağı düşür. Pensiyaların hesablanmasında ciddi problemlər qalır. Bu problemlər gətirib ona çıxarır ki, 25-30 il neft sənayesində işləmiş bir adamla ömründə heç yerdə işləməmiş adam eyni məbləğdə pensiya alır. Bu istiqamətdə çoxlu şikayətlər alırıq. Buna bir əncam çəkmək lazımdır.
Ziyafət müəllim, Sizə, parlamentin rəhbərliyinə üzümü tutub deyirəm. 1990–1995-ci illərdə deputat olmuş şəxslərin məsələsinə baxaq. Xahiş edirəm, Milli Məclisin rəhbərliyi müdaxilə eləsin. Bu məsələlərin həllinə yardım göstərsin. 1990–1995-ci illər həmin adamların əmək kitabçasında iş stajı kimi hesablanmır. Ölkə rəhbərliyi qarşısında məsələ qaldırın. Onların böyük bir hissəsi təmin olunubdur. Arada yalnız bir neçə nəfər qalıb və onlar Azərbaycanın müstəqilliyinə səs vermiş, Konstitusiya aktını hazırlamış adamlardırlar. Onların pensiya təminatı məsələsinə, xahiş edirəm, Milli Məclisin rəhbərliyi müdaxilə eləsin. Mən əminəm ki, məsələ respublika Prezidentinə olduğu kimi təqdim edilsə, Prezident həmin adamların pensiya ilə təmin olunması məsələsinin müsbət həllini təmin edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən fikrimi və nitqimi dəqiq rəqəmlər ətrafında demək fikrində deyiləm, çünki bu tərəfdən o qədər də hazırlıqlı deyiləm. Amma Dövlət Sosial Müdafiə Fondunun işçilərini və onun başında duranı yaxından tanıdığım bir adam kimi müəyyən fikirlərimi demək istəyirəm. Dövlət Sosial Müdafiə Fonduna yaxın adam kimi, həmkarlarımı, hörmətli deputatlarımızı əmin etmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının bu günü və gələcəyi üçün tam səylə yanaşan, böyük vətəndaşlıq hissi ilə işləyən bir kollektivdən ibarətdir. Bunları bir çox sitatlarla çatdırmaq olar.
Birinci məsələni qoymaq istərdim. 3 il bundan öncə Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi binaya nəzərə salaq. Harada yerləşirdi və orada hansı iş şəraiti var idi? Bu gün Mətbuat prospektində yerləşən əzəmətli binanı gözümüzün qarşısına gətirək. Mətbuat prospektinə daxil olarkən ancaq binanın xarici görünüşünü görürük. Mən çox xahiş edərdim, daxilinə də girəsiniz. Daxili quruluşu bir daha sübut edir ki, burada çox zəhmətsevər, vətənpərvər kollektiv işləyir. Məndə bir ara fikir yaranmışdı ki, son 10 il ərzində Azərbaycan elmində bir balaca tənəzzül var. Amma Dövlət Sosial Müdafiə Fonduna gedib-gəldikdən sonra məndə belə bir fikir püxtələşdi ki, Dövlət Sosial Müdafiə Fondunda çalışan insanları Avropa, Qərb universitetlərinin ən qabaqcıl müəllimləri, tələbələri ilə müqayisə etmək olar. Orada fitri istedad cəhətdən çox parlaq kollektiv püxtələşir. Əlbəttə, bunlar hamısı hörmətli Səlim müəllimin təşəbbüsü sayəsindədir.
Bayaq Elton müəllim də bunu dedi. Burada müasir texnologiyaya uyğun olan çox gözəl arxiv var. Bu gün hər bir vətəndaşın şəxsi uçotunun aparılması kompüterləşdirilib. Mən şəxsən bunları gözümlə görən insan kimi çatdırmaq istəyirəm. Dövlət Sosial Müdafiə Fondu başqa təşkilatlara örnək olası bir təşkilatdır. Ona görə də mən fürsətdən istifadə edib bu kollektivə uğurlar arzu edirəm. Məndə çox böyük əminlik var ki, 2007-ci ilin büdcə layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ləyaqətlə işləniləcək, başa çatdırılacaq. Deyilən hər bir təklif onun tərəfindən nəzərə alınacaq və gələcəkdə bu quruma olan inam daha da artacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsi ilə əlaqədar 26 deputatımız həm sual verdi, həm də çıxış etdi. Deputatlarımız bu müzakirələrdə fəal iştirak etdilər. Mən hamınıza təşəkkür edirəm. Çox maraqlı fikirlər və konstruktiv təkliflər oldu. İndi icazənizlə, bu fikirlərə münasibət bildirmək üçün bizim Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim Müslümova söz verək. Buyurun, Səlim müəllim.
S. Müslümov. Çox sağ olun, Ziyafət müəllim. Təşəkkür edirəm. Öncə icazə verin, millət vəkillərimizə dərin təşəkkürümü bildirim ki, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üçün büdcə layihəsinin müzakirəsində belə fəal iştirak elədilər. Bizim üçün həddən artıq dəyərli olan fikirlərini söylədilər, təkliflərini verdilər. İnanın ki, ötən illərdə olduğu kimi, bu il də həm mən, həm də burada iştirak eləyən əməkdaşlarımız bütün çıxışları çox diqqətlə dinlədik, qeydlər etdik. Deyilən fikirləri gələcək fəaliyyətimizdə və müəyyən hissəsini hətta indiki layihədə nəzərə almaq üçün biz layihə müəllifinə də bu barədə məruzə edəcəyik. Əgər razılıq ala bilsək, onların müəyyən hissəsi layihədə öz əksini tapacaq. Bununla bağlı işlər davam etdiriləcək.
Eyni zamanda, bu gün qaldırılan bir sıra məsələlərə də aydınlıq gətirmək istərdim. Bunlara cavab verməmişdən əvvəl qeyd edim ki, burada verilən suallar iki yerə bölündü. Bunların müəyyən bir qismi ünvanlı sosial yardımla, əlilliyin müəyyən edilməsinin bugünkü qaydaları və onların dəyişdirilməsi ilə, eləcə də şəhid ailələri üçün mənzil tikintisi ilə və sair məsələlərlə bağlı idi. Bu məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Cənab İlqar Rəhimov məndən sonra, yəqin ki, qaldırılan məsələlərə aydınlıq gətirəcək.
Məlahət xanım Həsənovanın çıxışında mülki aviasiyanın işçiləri üçün pensiya qanunvericiliyində nələr nəzərdə tutulduğu məsələsi qaldırıldı. Hörmətli Məlahət xanım, burada sizin qəbul etdiyiniz “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslər içərisində mülki aviasiya işçiləri nəzərdə tutulub. Yaşından asılı olmayaraq kişilər azı 25 il, qadınlar isə azı 20 il mülki aviasiyada xidmət etmişlərsə və sığorta stajları varsa, əmək pensiyası almaq hüququna malik olurlar. Mən Sizə müraciət edən insanların məktubunda qaldırılan problemlə tanışam. Bu məsələni bir sıra deputatlar da çıxışlarında qaldırdılar. Həmin sahədə əmək haqları yüksəkdir. Lakin pensiya hesablanan zaman köhnə qanunda olan məhdudiyyət tətbiq edilir. Yəni əmək haqqının 51 manatdan yuxarı olan hissəsi pensiyaların hesablanması zamanı nəzərə alınmır.
Bu çox böyük problem olduğuna görə cənab Prezident tərəfindən bunun ikipilləli şəkildə həll olunması məsələsi gündəliyə qoyulub. Bunun bir hissəsi təqdim olunmuş “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Yəni həmin layihədə 2006-cı ildən pensiyaya çıxanların pensiyalarının hesablanması zamanı belə məhdudiyyətin nəzərə alınmaması öz əksini tapıb. Problemin birinci qismi öz həllini tapacaq. İkinci qismi, Allah qoysa, gələn il həll olunmalıdır. Biz bunu bir il ərzində texniki cəhətdən işləyib hazırlayacağıq ki, keçmişdə pensiyaya çıxan və pensiyalarına məhdudiyyət tətbiq olunanların adbaad siyahısını hazırlayacağıq. Həmin məhdudiyyətləri və sonra bunun üçün nə qədər maliyyə vəsaiti lazım olduğunu müəyyən edəcəyik. Bundan sonra növbəti ildə “Əmək pensiyaları haqqında” Qanuna bir daha dəyişikliklər edən zaman əvvəlki illərdə, yəni yeni sistem qüvvəyə minməmişdən əvvəl pensiyaya çıxmış insanlar üçün də pensiyaların yenidən hesablanması, həmin məhdudiyyətin ortadan qaldırılması məsələsinə baxılacaqdır.
Burada bir sıra deputatlarımız, o cümlədən İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli 1990–1995-ci illərdə Milli Məclisin deputatı olmuş şəxslərin pensiya təminatı haqqında məsələ qaldırdılar. Bu məsələ öz əksini kütləvi informasiya vasitələrində kifayət qədər tapıb. Əksəriyyətiniz bu məsələlərlə keçirilmiş mətbuat konfranslarından tanışsınız. Mən də əvvəldən işin içində olan bir adam kimi məsələyə aydınlıq gətirmək istəyirəm. Məsələ necədir? 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, sonra isə Milli Məclisin üzvü olmuş deputatlar iki qrupa bölünürlər. Onların bir qrupunun əsas iş yerləri Ali Sovet deyil, başqa iş yerləri idi və onlar həmin iş yerlərində çalışaraq əmək haqqı alırdılar. Ona görə də onların əmək kitabçalarında Azərbaycan SSR Ali Soveti, sonradan Azərbaycan Respublikası Milli Məclisi iş yeri kimi göstərilməyib. Heç bir mübahisəyə ehtiyac yoxdur. Onlar üçün pensiya təyin edilən zaman yalnız əmək kitabçasında göstərilən iş yeri nəzərə alınır və onun əsasında pensiya təyin edilir, çünki onlar vaxtilə sosial sığorta haqlarını da əsas iş yerlərindən aldıqları əmək haqqına görə ödəyiblər.
Müəyyən qrup deputatlarımız var ki, onlar Milli Məclisin üzvü seçiliblər və Milli Məclisdən əmək haqqı alıblar. Onların əmək kitabçalarından da görünür ki, onlar əmək haqqı aldıqlarına görə Milli Məclisdən sosial sığorta haqları da ödəyiblər. Bugünkü deputatlar üçün müəyyən edilən deputat pensiyasından istifadə etmək istəyirlər. Biz də hər hansı bir problem görmürük, amma problem vaxtilə yaradılıb. Yəni vaxtilə Azərbaycan Respublikasının “Deputat statusu haqqında” Qanununda qeyd olunub ki, həmin status yeni Konstitusiya qəbul ediləndən sonra seçilən deputatlara şamil ediləcək. “Deputat statusu haqqında” Qanunda deputat pensiyası almaq hüququ olan şəxslər bəndinin qarşısında “Milli Məclisin üzvü” sözləri yazılıb. Milli Məclisin üzvü və Milli Məclisin deputatı olan şəxslərə bunun şamil edilməsi məsələsi həmin qanunda yazılıb. Təbiidir ki, burada çoxlu hüquqşünas var. O zaman müəyyən fikir ayrılığı yaranıb ki, həmin deputatlara deputat pensiyası vermək olar, yoxsa yox?
Qanunvericilikdə çoxmənalı yozula bilən müddəalar olanda məhkəməyə müraciət olunur və həmin məsələ məhkəmə yolu ilə həll edilir. Keçmiş deputatlar Hacıbaba Əzimov və Mürşüd Məmmədli tərəfindən Səbail Payon Məhkəməsinə bu barədə ərizə verilib. Səbail Rayon Məhkəməsi qərar çıxarıb ki, həmin illərdə deputat olmuş şəxslərə deputat pensiyası düşmür, sonra həmin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilib. Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra həmin şəxslərdən biri Ali Məhkəməyə müraciət eləyib. Ali Məhkəmənin Plenumu Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondu ortada məhkəmə qərarı ola-ola onlara deputat pensiyası verə bilmir.
Mən həmin adamları qəbul etmişəm, onlardan xahiş etmişəm ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Əgər birbaşa müraciət edə bilmirlərsə, ombudsman vasitəsi ilə müraciət eləsinlər və Konstitusiya Məhkəməsi bu məsələyə aydınlıq gətirsin. Əgər yerli məhkəmənin, Apellyasiya Məhkəməsinin qərarının Konstitusiyaya və ya mövcud qanunvericiliyə zidd olması barədə qərar qəbul olunarsa, həmin məhkəmələrin qərarı ləğv edilsin və biz həmin şəxslərə deputat pensiyası verək. Yəni bu gün məsələnin həlli yolu ancaq məhkəmədən keçir və məhkəmə qaydasında həll olunmalıdır. Axı, burada söhbət siyasi baxışdan, kimin hansı əqidəyə qulluq etməsindən getmir. Axı, o zaman deputat olmuş şəxslərin hamısı, sizin dediyiniz kimi, müxalifətdən deyildirlər. Orada müxalifət olmayan deputatlar da olublar. Onlara da deputat pensiyası verə bilmirik. Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, bu iki məhkəmə qərarı ləğv edilsin, həmin qərarlar qüvvədə qaldıqca, biz onlara pensiya verə bilməyəcəyik. Ona görə ən yaxşı yolu Konstitusiya Məhkəməsi ilə bu məhkəmə qərarlarının ortadan qaldırılmasıdır. Bunu mən Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevlə də danışmışam və o belə bir müraciəti gözləyir. Bu məsələ məhkəmə yolu ilə həllini tapmalıdır. Yalnız bundan sonra Dövlət Sosial Müdafiə Fondu həmin məsələlərə bugünkü qaydada baxa bilər.
Burada cənab İqbal Ağazadə Qarabağ müharibəsi əlillərinin pensiyalarının artırılması ilə bağlı məsələ qaldırdı. İqbal müəllim, məsələ ondadır ki, müharibə əlillərinin statusunu “Əmək pensiyaları haqqında” Qanunda siz müəyyən eləmisiniz. Burada I qrup müharibə əlillərinə əmək pensiyasının baza hissəsinin 100 faizi qədər, II qrup müharibə əlillərinə 70 faizi qədər, III qrup müharibə əlillərinə isə 50 faizi qədər əlavələr verilir. Bu gün Dövlət Sosial Müdafiə Fondunda I qrup müharibə əlili kimi 1327 nəfər, II qrup müharibə əlili kimi 2184 nəfər, III qrup müharibə əlili kimi 135 nəfər bu hüquqdan istifadə edir və onlara artırılmış pensiyalar verilir. Çıxışımda qeyd etdiyim kimi, gələn ilin iyul ayında əmək pensiyalarının baza hissəsi artırılacaq və 45 manata çatdırılacaq. Buna uyğun olaraq I qrup müharibə əlillərinin pensiyasının təkcə baza hissəsi 90 manat olacaqdır. Gələcəkdə də pensiyanın baza hissəsi artdıqca, onların pensiyalarının məbləği artırılacaqdır. Göründüyü kimi, müharibə əlilləri digər kateqoriyalardan olan pensiyaçılardan tamamilə fərqləndirilir. Həmin artımlara görə milli qəhrəmanların və şəhidlərin ailə üzvlərinə ödənən əlavələrin artırılması nəzərdə tutulur.
Burada şəhid ailələrinin pensiyalarına əlavələrin daha da artırılması barədə məsələ qaldırıldı. Bu il həmin əlavə 30 faizdən 80 faizə çatdırıldı. Mən elə fikirləşirəm ki, cənab Prezident gələcəkdə bunun daha da artırılması istiqamətində tədbirlər görülməsini dəstəkləyəcəkdir. Nəyə görə bu, 80 faizə qaldırıldı? Çünki milli qəhrəmanların ailə üzvlərinə bu gün 100 faiz verilir və arada 20 faiz fərq qoyuldu. Yəqin ki, növbəti ildə milli qəhrəmanların və şəhidlərin ailə üzvləri üçün belə artımların daha çox olması məsələsinə bir daha baxılacaq.
Burada bir neçə hörmətli deputatımızın, o cümlədən Qüdrət Həsənquliyevin çıxışında vahid Pensiya Məcəlləsi haqqında deyildi. Məsələ bundadır ki, artıq bu dəyişikliklər edilir. Həm “Dövlət qulluqçularının pensiya təminatı haqqında”, həm də “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunlar ləğv edilib, onların bütün müddəaları “Əmək pensiyaları haqqında” Qanuna keçirilib. Beləliklə, ölkədə vahid bir “Əmək pensiyaları haqqında” Qanun fəaliyyət göstərir və bütün pensiya məsələləri də həmin qanunla tənzimlənir. Bunun məcəllə və ya qanun adlandırılması prinsipial məsələ deyil. Məncə, burada öz əksini tapan məsələlər bunun qanun şəklində tətbiq olunmasının daha uyğun olduğunu göstərir.
Burada Qüdrət müəllimin çıxışında sanator-kurort müalicəsi və eyni zamanda, sağlamlığı pozulmuş insanların sağlamlığı ilə bağlı məsələlər qeyd olundu. Mən qeyd etmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində əlillərin sosial müdafiəsi ilə bağlı ayrıca bir bənd var. Həmin bəndlə biz gələn il 11,1 milyon manata yaxın vəsaiti Əlillərin Sosial Müdafiəsinin Baş idarəsinə verəcəyik, yəni bunu maliyyələşdirəcəyik. Orada 240 min manat ölkədən xaricdə, 68 min manat isə ölkə daxilində əlillərin sağlamlığının mühafizəsi ilə bağlı xərclər kimi göstərilir. Göründüyü kimi, əlillərin sağlamlığının mühafizəsi ilə bağlı xərclər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulur. Əlil olmayan şəxslərin sağlamlığının mühafizəsi artıq dövlət büdcəsində səhiyyə xərclərinin tərkibində oturmuşdur.
Burada Elmira xanım Axundovanın və digər hörmətli deputatımızın çıxışında uşaqların anadan olması ilə bağlı verilən birdəfəlik müavinətlərin həcmi ilə bağlı məsələ qaldırıldı. Təbiidir ki, bu məsələ gündəmdə ola bilər, çünki həmin məbləğ, həqiqətən də, aşağıdır və 30 manat təşkil edir. Amma nəzərə almaq lazımdır ki, analara 112 gün ərzində hamiləliyə görə və hamiləlikdən sonrakı dövrdə müavinət ödəyirik. Bundan sonra uşağın 3 yaşı tamam olana qədər ana sosial məzuniyyətə çıxarsa, həmin dövrdə ona sosial müavinət ödəyirik. Bütün bu məsələlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində əksini tapıb. Amma mən də sizinlə razıyam ki, növbəti illərdə bunun məbləğinin daha yüksək olması ilə bağlı aktual hesablamalar aparılmalıdır. İmkanlar nəzərə alınaraq bu məbləğ artırılmalıdır.
Burada Qənirə xanım Paşayeva öz çıxışında kənd yerlərində pensiyaların ödənişinin avtomatlaşdırılması məsələsini qaldırdı. Hörmətli Abel müəllimin çıxışında bununla təzad təşkil eləyən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Vahid Əhmədov bu məsələ haqqında sual qaldırdı ki, büdcədə niyə birdən-birə pensiya və müavinətlərin əhaliyə çatdırılması üçün xərclər belə çox artırılıb və 10,9 milyon manata çatdırılıb. Bir tərəfdən istəyirik ki, bankomatla xidmət göstərilən əhalinin, pensiyaçıların sayını artıraq, bunun əhatə dairəsini genişləndirək. Cənab Prezidentimiz də iyulun 31-də Nazirlər Kabinetinin işinin 6 aylıq nəticələri ilə bağlı keçirdiyi müşavirədə xüsusi olaraq tapşırıq verdi ki, həmin məsələ kənd yerində yaşayan pensiyaçılara da şamil edilsin, bu istiqamətdə həm Dövlət Sosial Müdafiə Fondu, həm də müvafiq banklar işlər aparsınlar. Buraya çoxlu vəsaitin qoyulması tələb olunur. Mən sizə açıq deyirəm, bu gün bir bankomat banklara 40 min dollardan aşağı başa gəlmir. Çingiz müəllim Əsədullayev burada oturub, o bunu təsdiq edə bilər.
Mən həm Kapital Bankın, həm də Beynəlxalq Bankın rəhbərliyi ilə bu barədə müvafiq danışıqlar aparmışam. Azərbaycanda 6 minə yaxın kənd var, bunların hər birinə bir bankomat aparıb qoymaq mümkün olan məsələ deyil. Digər bir tərəfdən isə təkcə bankomatların alınıb oraya qoyulması ilə iş bitmir. Həmin bankomatlar vasitəsi ilə bu plastik kartlara xidmət etmək lazımdır. Bu isə çox bahalı rabitə xidmətidir və buna enerji sərf olunur. Bunların hamısı təmin olunmalıdır. Ona görə də belə bir qərar qəbul olunub ki, yaxın vaxtlarda rayon mərkəzlərindən 5 kilometrlikdə yerləşən kəndlərdə həmin məsələ təmin olunsun. Rayonların tərkibində olan böyük qəsəbələrdə və əhalisinin sayı 3-4 mindən artıq olan kəndlərdə bankomatların qoyulması və yaxın, xırda kəndlərə bankomatlar vasitəsi ilə xidmət göstərilməsi məsələsi gündəmdə saxlanılsın. Amma bunun hamısı çox böyük vəsait tələb edir.
Mən bircə misal çəkim. Biz, təbiidir ki, həm Kapital Bankı, həm də Beynəlxalq Bankı bu məsələ ilə bağlı tender yolu ilə seçdik, onlar tenderin qalibi oldular. Bu gün kənd yerlərində yaşayan pensiyaçılarımız deyəndə, söhbət rayon mərkəzində, Bakıdan, Sumqayıtdan kənarda yaşayan pensiyaçılardan gedir. Onların plastik kartının 1 illik xidmət haqqı 7,5 dollardır. Əgər bu gün Azərbaycan Respublikasında Bakı və Sumqayıtdan kənarda təqribən 280 minə yaxın pensiyaçıya pensiyaları plastik kartlarla ödəsək, görək, hansı rəqəm ortaya çıxır? Gəlin, bunu 7,5 dollara vuraq, üzərinə Bakı və Sumqayıtda yaşayan 250 min pensiyaçını gələk, bir də nəzərə alaq ki, növbəti ildə Bakı və Sumqayıt üçün nəzərdə tutduğumuz plastik kartların müddəti bitir. Həmin plastik kartlar 3 illik müddətə verilmişdi və biz növbəti ildə yeni müqavilə bağlayıb, onların müddətini daha 3 il artırmalıyıq. Yəni onlara yeni plastik kartlar verməliyik. Yeni plastik kartlar ümumi qəbul olunmuş prinsipə görə artıq başqa cür olacaq. Bu cip-kartlar da nisbətən bahalı kartlardır, lakin həmin kartlar vasitəsi ilə pensiyaçılar artıq həm enerji, həm də qaz haqlarını birbaşa ödəmək hüququ əldə edəcəklər. Verilən pulu çəkmədən enerji və qaz haqlarını birbaşa ödəmək hüququ əldə edəcəklər. Bu, birbaşa verilən tapşırıqdır. Bəli, pulu çəkmədən bankomatlar vasitəsi ilə bu pulu ödəmək hüququ əldə edəcəklər. Ona görə də həmin xərclərə ayrılan vəsait nisbətən artırılıb.
Sonra, burada hörmətli deputatlarımızın bəziləri çıxışlarında əmək müqaviləsi olmadan çalışanlar və əmək haqqının az göstərilməsi barədə qeydlərini dedilər. Mən açıq deyim, hazırda bu problem var, artıq neçə illərdir buna qarşı mübarizə aparırıq. Azərbaycanda deyil, dünyanın bütün ölkələrində bu problem var. Qara işçi qüvvəsi deyilən işçi qüvvəsi ilə mübarizə həm Avropa ölkələrində, həm Amerika ölkələrində və inkişaf etmiş dövlətlərdə və həm də Azərbaycanda mövcuddur. Təkcə Rusiyada nə qədər azərbaycanlı əmək müqaviləsi bağlamadan çalışır. Ukraynanı, başqa ölkələri Azərbaycanla müqayisə etsək, görərik ki, Azərbaycanda bunun səviyyəsi nisbətən aşağıdır. Amma mən bununla heç də özümə bu sahədə mübarizə aparmalı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Vergilər Nazirliyinə bəraət qazandırmaq istəmirəm.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli “Antiinhisar tədbirlərinin gücləndirilməsi barədə” Fərmanı var. Orada qeyd olunur ki, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Vergilər Nazirliyi bu istiqamətdə çox böyük işlər həyata keçirməlidir. Hazırda birgə əməkdaşlıq öz nəticələrini verməkdədir və elə fikirləşirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müfəttişliyinin fəaliyyətini yenidən quracaq və əmək müqavilələrinin bağlanmasını yerlərdə leqallaşdırmaq prosesləri gücləndiriləcək. Mən arzu edərdim ki, bu sahədə Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyası da öz cəhdlərini ortaya qoysun. Bütün təşkilatlarda həmkarlar təşkilatlarının yaradılması və işçilərin hüquqlarını müdafiə etməsi məsələsinə təsir göstərsin ki, bu sahədə nəticələrimiz daha uğurlu olsun.
Burada Vahid Əhmədov hərbçilərin hüquqlarının yeni qanunvericiliklə bağlı pozulub-pozulmaması barədə məsələ qaldırdı və cənab Aydın Həsənov da sonradan bu məsələ ilə bağlı fikir söylədi. Mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm. Bu gün qüvvədə olan “Hərbçilərin pensiya təminatı haqqında” Qanun olduğu kimi “Əmək pensiyaları haqqında” Qanuna keçirilibdir. Bəli. Orada bəzi müddəalarda müəyyən qədər məhdudiyyətlər qoyulub. Bunlar hansılardır? İlk növbədə burada cənab Aydın Həsənovun qeyd etdiyi 50 faiz məsələsini göstərmək istəyirəm. Əgər hərbi qulluqçu 20 il qulluq etmişsə, o, hərbi qulluqçunun pensiya hüququnu əldə edir və həmin pensiyasını harada işləməsindən asılı olmayaraq 100 faiz alır.
Bu məsələ dövlət qulluqçularına da aiddir. Lakin digər güzəştli kateqoriyadan olanlara bu hüquq verilmir, yəni nə deputatların, nə prokurorluq işçilərinin, nə ombudsmanın, nə də Mərkəzi Seçki Komissiyası işçilərinin bu hüququ var, onlar hamısı pensiyanın 50 faizini alır. Ona görə də biz ümumi konsensusa gəldik ki, güzəştli kateqoriyalar üçün vahid bir prinsip tətbiq edək. Əgər dövlət qulluqçusu pensiyasını alırsa və deputat seçilirsə, o, deputatın əmək haqqını tam alacaq. Amma dövlət qulluqçusu pensiyasının 50 faizini alacaq. Eyni şəkildə sabiq deputat deputat pensiyasını alırsa və dövlət qulluğuna girirsə, dövlət qulluqçusunun əmək haqqını tam, amma pensiyasının 50 faizini alacaq. Əgər onlar digər işlərdə çalışarlarsa, yəni müəllimlik, həkimlik edərlərsə, həm pensiyalarını, həm də əmək haqlarını 100 faiz alacaqlar. Bu, ümumi bir prinsipdir, çünki güzəşt bir dəfə verilir. Artıq güzəşt pensiya təyinatında verilir. Yəni onlar digər vətəndaşlardan fərqli olaraq fəaliyyətdə olan dövlət qulluqçusunun, millət vəkilinin, prokurorun və sair əmək haqqının ən azı 45 faizindən 80 faizə qədərini ala bilirlər. Əgər yenidən bu işlərdə çalışmağa başlayarlarsa və oradan əmək haqqı alarlarsa, onlara pensiyalarının 60 faizinin verilməsi nəzərdə tutulur. Bunda hərbi qulluqçuların statusuna ziyan gətirəcək ikinci bir maddə yoxdur. Mən bunu sizə tam açıqlığı ilə deyirəm. Hüquqşünaslarla bunun ciddi müzakirəsi, təhlili aparılıb, ikinci bir məqam ortaya çıxmayıb, olarsa, biz onu qaldırmağa hazırıq.
Burada Ermənistan SSR-də partiya və dövlət qulluğunda olan şəxslərə dövlət qulluqçusu statusunun verilməsi və dövlət qulluqçusu pensiyasının verilməsi məsələsi qaldırıldı. Məsələ ondadır ki, MDB dövlətlərinin birində Azərbaycandan başqa, keçmişdə dövlət qulluğunda, yəni partiya və sovet orqanlarında çalışmış şəxslərə dövlət qulluqçusu pensiyası verilməyib. Azərbaycan yeganə respublikadır ki, onun Prezidenti keçən il belə bir addım atdı və dövlət qulluqçusunun pensiya təminatı məsələsini keçmişdə, yəni Azərbaycan SSR-də partiya və sovet orqanlarında çalışmış insanlara da şamil etdi. Digər ölkələrin heç birində bu yoxdur. Hamısında şərt qoyulub ki, müstəqillik dövründə və yaxud dövlət qulluğu haqqında qanun qüvvəyə minəndən sonra ən azı 2 il dövlət qulluğunda işləmiş şəxslərə belə pensiya verilsin. Azərbaycanda isə bu məsələ öz həllini tapıb. Başqa respublikalarda çalışan azərbaycanlılar həmin dövlətlərdə yaşayırlarsa, onlara bu status verilmirsə, onda Azərbaycana gəlmiş şəxslərə də həmin statusun verilməsi nə dərəcədə məqsədəuyğundur? Nazirlər Kabinetinin iclası keçirilən zaman bu məsələ heç bir dəstək almadı və ona görə də bu şəxslər hələ siyahıya daxil edilməyiblər.
Burada Vahid müəllim tərəfindən şirkət və konsernlərin rəhbərliyində işləmiş şəxslərə dövlət qulluqçusu pensiyasının verilməsi məsələ qaldırıldı. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluğu statusunu almaq üçün şəxsin 2 şərtə əməl etməsi vacibdir. Birinci, onun əmək haqqı dövlət büdcəsindən verilməlidir. İkinci, dövlət idarəetmə aparatında, yəni mərkəzi icra hakimiyyəti orqanında işləməlidir. Bunların ikisindən biri gözlənilmirsə, onda onun dövlət qulluqçusu statusu və təbii, dövlət qulluqçusu pensiyası almaq hüququ olmur. Şirkət və konsernlərdə çalışanlar öz əmək haqlarını dövlət büdcəsindən deyil, həmin şirkət və konsernlərdən alıblar. Bunlar isə mərkəzi icra hakimiyyəti orqanı hesab edilmirlər və ona görə də onların rəhbər işçilərinə həmin status şamil edilə bilmir.
Burada hörmətli Səfər müəllim Məmmədov rayon yerlərində işləyən və uçota alınmayanlar barədə sual verdi. Mən bir daha bəyan eləyirəm. Bunu dəfələrlə biz kütləvi informasiya vasitələrində də vətəndaşlarımıza çatdırmışıq. Bu gün də bizim reklamlar hər axşam televiziya kanallarında gedir. Biz 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında dünya standartlarına uyğun olan fərdi uçota əsaslanan sosial sığorta pensiya sisteminə keçmişik. Əgər kim qeydiyyata düşməyəcəksə, sosial sığorta haqqı ödəməyəcəksə, onda onun gələcəkdə pensiya təminatı olmayacaqdır. O, dövlətin boynunda bir yük kimi qalacaqdır. Eyni zamanda, yəni niyə yük kimi qalacaqdır. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına sosial yardım, dövlət sosial müavinəti verilməsi haqqında müraciət edəcəklər. Cəmil müəllim çıxışında çox yaxşı dedi. Get-gedə bunlar arasında fərq artacaq. Yəni insanlar öz hesablarına vəsait toplayacaqlar və onların pensiyaları getdikcə artacaq. Amma sosial müavinətlər o qədər də artmayacaq, onların arasında fərq getdikcə çoxalacaq. Əgər kim istəyirsə, qeydiyyata düşməsin, belə işləsin, özünə vəsait toplamasın.
Təbiidir ki, bu, ciddi məsələdir. Amma mən boynumuzdan atmıram. Bu həm də bizim məsələmizdir. Biz onları qeydiyyata almalıyıq. Bütün yollarla çalışmalıyıq ki, qeydiyyata alaq. Bu gün qeyd elədiyim kimi, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi bu istiqamətdə tədbirlər həyata keçirir. Təkcə son 2 il ərzində biz rayon yerlərində 230 minə yaxın torpaq mülkiyyətçisini qeydiyyata almışıq və hazırda bu proses davam etdirilir. Əmək haqqı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məsələsinə aydınlıq gətirdim. Biz ilkin olaraq 2006-2007-ci illərdə bu məhdudiyyəti götürürük. Gələn il isə əvvəlki illərdə olan məhdudiyyətləri ortadan qaldırmağa çalışacağıq.
Burada Baba Tağıyev sual verdi. Hörmətli Baba müəllim dedi ki, pensiya təyinatı zamanı sənədlərin sayı azaldılsın və saxta sənədlər ortadan qaldırılsın. Mən bu məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu gün Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq mərkəzləşdirilmiş arxiv sistemi yaradılıb. Azərbaycan Respublikasının rayon və şəhərlərindəki şöbələrimizdə indiyə qədər mövcud olan 1 milyon 200 min ədəd pensiya işi, həmin sarı vərəqələrin hamısı bu arxivə yığılıb. Artıq yerlərdə keçmiş pensiya işləri yoxdur. Heç bir yerli işçi köhnə tarixi sənədləri satmaqla məşğul ola bilmir. Artıq bu məsələyə nöqtə qoyulub. Bu gün yerlərdə yalnız kompüterin yaddaşında bütün pensiyaçılar haqqında məlumatlar var və onlar bunu da dəyişə bilməzlər, çünki dərhal mərkəzi sistem həmin dəyişikliyə reaksiya verər. Bu məsələyə artıq nöqtə qoymuşuq. Pensiya təyinatı zamanı artıq həmin sənədlər lazım olmayacaq. Sistemi biz ona görə dəyişdik ki, bu məsələlərə son qoyulsun. Artıq bundan sonra pensiya təyinatı zamanı insanlar sosial sığorta kartlarını və ərizə verəcəklər. Həmin kartlardakı nömrəyə görə sistem müəyyən edəcək ki, onun pensiyası nə qədərdir. Biz bu istiqamətdə addımlar atırıq və təbiidir ki, sənədlərin minimuma endirilməsi zaman keçdikcə təmin ediləcəkdir.
Jalə xanım çıxışında bizdə pensiya ödənişlərinin ümumi daxili məhsulun 4 faizi, Avropa ölkələrində isə 10-15 faiz səviyyəsində olması barəsində məsələ qaldırdı. Mən çıxışımda da qeyd elədim. Biz ümumi daxili məhsulu iki yerə bölməyi təklif eləyirik. Gələn il qeyri-neft sahəsində bizim pensiya ödənişlərinin xüsusi çəkisi ümumi daxili məhsulun 8,5 faizi səviyyəsinə çatacaqdır. İldən-ilə bu səviyyə sürətlə artır. Buna görə də biz elə düşünürük ki, ölkənin iqtisadiyyatı pensiya xərclərini çəkmək qabiliyyətinə malik olmalıdır. Mən sizə bir misal çəkim. 1990-cı illərin ortalarında Berluskoni İtaliyanın Baş naziri olarkən birdən-birə bu məsələ ilə bağlı ölkə iqtisadiyyatının çökməsi barədə fikir irəli sürdü və pensiya yaşını qaldırmaq istədi. O zaman bildiyiniz kimi, böyük tətillər keçirildi və o, istefa verməyə məcbur oldu. Amma bu gün İtaliya iqtisadiyyatı ikinci dəfə bununla üzləşir. 14 faizlik yükü həmin ölkənin iqtisadiyyatı artıq çəkə bilmir. Ona görə də burada aktual hesablamalar aparılmalı və pensiya ödənişlərinin iqtisadiyyata düşən yükü optimal səviyyədə müəyyən edilməlidir. Azərbaycan hökuməti daim bunu diqqətdə saxlayır.
Burada cənab Azay Quliyev metroda terror zamanı xəsarət alanların pensiya məsələsini qaldırdı. Mən Sizə, Azay müəllim, bildirmək istəyirəm, heç bir fərq yoxdur ki, insan xəsarəti harada alıb. Əgər o, əlillik qrupu almışdırsa, əlillik qrupuna uyğun olaraq ona əlillik pensiyası təyin edilir və ödənilir. Metroda xəsarət alıb əlil olmuş şəxslər də bu təbəqədəndirlər.
Burada Şəmsəddin müəllimin, Abel müəllimin və digər hörmətli deputatlarımızın çıxışlarında yaşlı müəllimlərimizə pensiyaların verilməsi zamanı əlavə güzəştlərin nəzərdə tutulması barədə də fikirlər deyildi. Hörmətli deputatlarımız, mən sizə bildirirəm ki, bu məsələni diqqətə götürürəm və gələcək illərdə fikirlərin formalaşması üçün addımlar atmağa çalışacağam. Mən özüm də müəlliməm, bu gün də dərs deyirəm, mən də aliməm. Ona görə də bunun nə dərəcədə vacib olduğunu bilirəm. Sizə söz verirəm ki, bu məsələni mən cənab Prezidentə məruzə edəcəyəm. Əgər başqa kateqoriyalar, yəni vətəndaşlarımız tərəfindən buna qarşı hansısa təpki olmayacağı qənaətinə gəlinərsə, onda 19-cu maddəyə, yəni pensiyaların baza hissəsinə əlavələr haqqında maddəyə yeni bir əlavənin edilməsi barədə ümumi bir fikrə gəlməyə çalışarıq. Bu məsələni biz diqqətdə saxlayacağıq.
Burada mən bir daha sonda qaldırılmış məsələyə toxunmaq istəyirəm. Cəmil müəllim pensiyaların indeksləşdirilməsi barədə məsələ qaldırdı. Hörmətli Cəmil müəllim, bildiyiniz kimi, “Əmək pensiyaları haqqında” Qanunda pensiyaların həm baza, həm də sığorta hissəsinin indeksləşdirilməsi barədə müddəalar var. Orada qeyd olunub ki, hər il əmək pensiyalarının baza hissəsi bir dəfədən az olmayaraq ölkədəki istehlak qiymətlərinin indeksindən aşağı olmayaraq qaldırılmalıdır. Bildiyiniz kimi, bu il ərzində pensiyaların baza hissəsi iki dəfə qaldırılıb. Aprel ayının 1-də 5 manat, oktyabr ayının 1-də 5 manat, cəmi 10 manat qaldırılıb. Bu da təqribən 40 faiz eləyir. İlin sonunda əmək pensiyalarının sığorta hissəsi də ölkədəki inflyasiya faizinə uyğun indeksləşdiriləcəkdir. Beləliklə, orta artım, fikrimə görə, il ərzində 50 faizdən çox təşkil edəcəkdir. Siz mənimlə razılaşın ki, ölkə üzrə ümumi inflyasiya faizi bir rəqəmlə ifadə olunacaqdır. Ona görə də pensiyaların artımını inflyasiya nəinki yemir, pensiyaların artımı hazırda inflyasiya faizindən dəfələrlə yüksəkdə durur. Mən qəbul edirəm ki, pensiyaların məbləği aşağıdır. Bunun sürətlə artırılması üçün hansı tədbirlərin görüldüyünü mən öz çıxışımda bildirdim.
Mən bir daha hörmətli deputatlarımıza bu gün Dövlət Sosial Müdafiə Fondunun işində dünya standartlarına uyğun sistemin qurulması istiqamətində gördüyümüz tədbirlərə verdikləri qiymətə görə təşəkkürümü bildirirəm. Təbiidir ki, bu qiymətlər bizim fondun kollektivini daha da ruhlandıracaq. Biz qarşımıza Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş bütün vəzifələrin yüksək keyfiyyətlə həyata keçirilməsi, həll olunması üçün əlimizdən gələni edəcəyik. Mən deputatlarımıza bir daha təşəkkürümü bildirirəm. Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il üçün büdcə layihəsinə səs verəcəkləri təqdirdə həmin büdcənin uğurla reallaşdırılması işində əlimizdən gələni edəcəyimizə söz veririk. Sağ olun.
Sədrlik edən. Səlim müəllim, əhatəli cavablarınıza görə çox sağ olun. Hörmətli deputatlar, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsinin layihəsi müzakirə olunarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyinin səlahiyyətlərinə aid məsələlərə də toxunuldu. Ona görə, icazənizlə, nazir müavini İlqar Rəhimova söz verək. Buyurun.
İ. Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Artıq bir necə gündür ki, 2007-ci ilin büdcə zərfinə daxil olan sənədlər ətrafında müzakirələr gedir. Fərəhləndirici haldır ki, müzakirələr konstruktiv dialoq şəklində həyata keçirilir. Bizi sevindirən haldır ki, hörmətli millət vəkilləri sosial problemlərin həllinə, sosial müdafiə ilə bağlı məsələlərin öz həllini tapmasına həssaslıqla və diqqətlə yanaşırlar. İnandırım sizi ki, bizim üçün burada eşidilən və millət vəkilləri tərəfindən söylənilən bütün iradlar, tövsiyələr, təkliflər çox vacibdir, dəyərlidir. Gündəlik işimizdə, sosial siyasətin həyata keçirilməsində, sosial müdafiə sisteminin təkmilləşməsində biz bunlardan mütləq istifadə edəcəyik. Bir neçə gün ərzində verilən suallar və təklifləri mən bir neçə blokda əhatə etməyə çalışdım. Hazırda çox qısa şəkildə həm suallara cavab vermək, dəyərləri və tövsiyələri əks etdirmək və eyni zamanda da, bir neçə yeni məqam, proqram və islahatlar barədə hörmətli millət vəkillərinə informasiya vermək çox vacib olardı.
Birinci, millət vəkillərinin bir neçə sualı Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsində öz əksini tapmış və məşğulluq məsələlərinin həllinə yönəldilmiş vəsaitlər, istiqamətlər barədə idi. Bəli, hörmətli cənab Prezident tərəfindən Azərbaycan Respublikasının məşğulluq strategiyası təsdiq olunub. Həmin məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq dövlət qurumlarının iştirakı ilə yaradılmış xüsusi komissiya məşğulluq strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramı hazırlayıb. Bu yaxınlarda həmin proqram hörmətli Prezident tərəfindən təsdiq olunacaq. Həmin proqramın həyata keçirilməsi üçün məhz 2007-ci ildə bir çox məsələlərin öz həllini tapması nəzərdə tutulub. Xüsusən də ilk növbədə məşğulluq xidmətinin özünü idarə etməsinin təkmilləşdirilməsi və onun potensialının gücləndirilməsi vacibdir ki, bizə müraciət edən vətəndaşlara keyfiyyətli, səmərəli xidmətlər göstərilsin.
İş axtaran və işsiz vətəndaşlar üçün yeni məsləhət xidmətlərinin və əmək birjalarının, işsizlərin və yaşlı əhalinin peşə hazırlığı sisteminin yeni səviyyəyə çatdırılması məqsədi ilə Bakı və Göyçay şəhərlərində tədris mərkəzlərinin açılması, Naxçıvan, Tovuz və Lənkəranda isə belə mərkəzlərin tikintisinə başlanması nəzərdə tutulur. Şübhəsiz, belə mərkəzlərin açılması ilk növbədə işsizlər arasında peşə hazırlığı məsələlərinin öz həllini tapmasına yönəldiləcəkdir.
Hörmətli Azay müəllim burada çox maraqlı sual qoydu. Həmin suala cavab olaraq demək istəyirəm ki, peşə hazırlığı məsələsi hökumətin, nazirliyin önəm verdiyi ən əhəmiyyətli məsələlərdən biridir. Ona görə də bizim planlarımızda əmək bazarının tələbatından asılı olaraq işsiz vətəndaşların peşə hazırlığına cəlb edilməsi və bu sahədə sağlam rəqabətin olmasına şərait yaradılması əsas məsələlərdən biridir. 2007-ci ildə təqribən 2000 nəfər işsiz vətəndaşın peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.
Digər tərəfdən fondun büdcəsində məşğulluq xidməti üçün ayrılan bir sətir var. Bununla bağlı hörmətli millət vəkilləri sual verdilər ki, haqqı ödənilən ictimai işlər nə deməkdir? Qeyd etmək istəyirəm ki, haqqı ödənilən ictimai işlər işsiz vətəndaşlara təklif edilən, müvəqqəti xarakter daşıyan işlərdir. Vətəndaşlarımız işsiz qaldıqları dövrdə müxtəlif müvəqqəti işlərə, o cümlədən şəhər və rayonların abadlaşdırılmasına, müxtəlif obyektlərin təmiri və tikintisinə, əhaliyə müxtəlif növ xidmətlərin göstərilməsinə cəlb olunurlar. İşsiz qaldıqları dövrdə kömək məqsədi ilə həmin müvəqqəti işlərdə onlara müvafiq məbləğdə əmək haqları ödənilir. Qeyd etmək istəyirəm ki, məşğulluq xidmətinin əsas istiqamətlərindən biri də məktəbi qurtaran, məktəbdə oxuyan və işsiz vətəndaşlar tərəfindən peşə yönümü məsələlərinin dirçəldilməsi və inkişaf etdirilməsidir. Buna görə də biz 2007-ci ildə Sumqayıtda, Əli Bayramlıda, Lənkəranda, Bərdədə, Quba, Yevlax, Şəki və Qazax rayonlarında peşə yönümlü mərkəzlərin yaradılmasını planlaşdırmışıq.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyası tərəfindən Cenevrə şəhərində gələn həftə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli əməyin təminatı üzrə ölkə proqramı imzalanacaq. Həmin proqram, hesab edirəm ki, islahatların həyata keçirilməsi üçün çox böyük dəstək verəcək. Proqramda əmək haqqı sistemində islahatların davam etdirilməsi, əmək şəraiti və əməyin mühafizəsi məsələləri, işsizlərin və yaşlı əhalinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məsələləri öz əksini tapmışdır. Qısaca olaraq məşğulluq məsələləri və bu istiqamətdə verilən suallarla bağlı bunları demək istəyirdim.
Digər suallar respublikada yeni mexanizm olan ünvanlı sosial yardımla bağlı idi. Bu suallar dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndi. Bu gün fondun büdcə layihəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən xeyli suallar və tövsiyələr verildi. Buna görə də demək istəyirəm ki, artıq 2006-cı il iyulun 1-dən ləğv edilmiş bir neçə səmərəsiz müavinətləri, o cümlədən də uşaq müavinətlərinin əvəzinə respublikamızda ünvanlı sosial yardımın təyinatına və ödənilməsinə başlanmışdır. Noyabrın 1-nə olan məlumatlara görə respublika üzrə 294 min 680 ailə artıq rayon sosial müdafiə mərkəzlərinə müraciət etmiş, təxminən 72 min ailə tələb olunan sənədləri toplayıb təqdim etmişdir. Ünvanlı dövlət sosial yardımı təyin edən komissiyalar tərəfindən 42 min 178 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 24 min 501 ailəyə isə ünvanlı sosial yardım verilməsindən imtina edilmişdir. Təyin edilmiş işlər üzrə bir ailə üzvünə düşən ünvanlı sosial yardımın orta məbləği 9,9 manat, təxminən 10 manata yaxın ailəyə isə 44 manata yaxın olmuşdur. Yeri gəlmişkən, qeyd edim ki, ləğv edilmiş uşaq müavinəti 2 manat təşkil edirdisə və ailəyə ödənilirdisə, onun əvəzinə biz bu gün ünvanlı sosial yardım təyin edib ailəyə orta hesabla 44 manat ödəyirik.
Ünvanlı sosial yardım təyin olunan ailələrdən 109-u şəhid, 740-ı müharibə əlili, 11 min 396-sı isə digər səbəblərdən əlil olanların ailələridir. Çox maraqlı məqam ondan ibarətdir ki, bu gün 26 min 456 ailə, yəni ünvanlı sosial yardım təyin olunmuş ailələrin 60 faizdən çoxu bu günə qədər heç bir sosial müdafiə proqramı ilə əhatə olunmayan, sosial müdafiə sisteminə yeni cəlb olunmuş ailələrdir. Yəni indiyə qədər bu ailələr heç bir sosial müdafiə layihələrinə, istər əlillər, istərsə də şəhidlər üçün nəzərdə tutulmuş proqramlara cəlb olunmamışdılar. Yəni bu sosial sistemə yeni cəlb olunmuş ailələrdirlər. Əldə edilmiş təcrübəyə və aparılan təhlillərə əsaslanaraq bildirmək istəyirəm ki, bu ilin ehtiyac meyarı 30 manat olmaqla, ilin axırına qədər təxminən 50 min ailənin həmin yardımdan bəhrələnəcəyi gözlənilir. Bu, 240 min ailə üzvünü əhatə edəcəkdir.
Millət vəkillərinin ehtiyac meyarının məbləği ilə bağlı suallarına aydınlıq gətirərək bildirirəm ki, bu göstəricinin mərhələ-mərhələ yaşayış minimumuna çatdırılması istiqamətində işlər aparılır. Əgər cari ildə bu nisbət 52 faiz təşkil edirdisə, növbəti il üzrə əvvəlcə 54 faizə, daha sonra isə 62 faizə çatdırılacaqdır. Bu baxımdan 2007-ci il üçün ünvanlı dövlət sosial yardımının məbləğinin hesablanması məqsədi ilə ehtiyac meyarının birinci yarım il üçün 35 manat, ikinci yarım il üçün isə 40 manat proqnozlaşdırılmışdır. Belə olduqda 2007-ci ildə 72 min ailə həmin yardımdan bəhrələnəcəkdir ki, bu da təxminən 825 min ailə üzvü deməkdir. Növbəti il üçün həmin məqsədlərlə 78 milyon manat vəsait xərclənəcəyi proqnozlaşdırılmışdır. Göründüyü kimi, 2006-cı ilin sonunadək bu məqsədlərə 10-12 milyon manat vəsait xərclənməsi gözlənilirsə, növbəti ildə 6-7 dəfədən çox vəsait xərclənəcək.
Ünvanlı sosial yardım yeni mexanizm olduğundan, təbii ki, onun daim təkmilləşdirilməsinə ehtiyac duyulur. Hörmətli millət vəkilləri də öz çıxışlarında bir neçə dəfə bu məsələni vurğulamışdılar. Fikrimizcə, bu məsələyə çox ehtiyatla və hərtərəfli düşünülərək yanaşmaq lazımdır. Bu mexanizmin tətbiqi respublikada ələbaxımlığın yayılmasına xidmət etməməlidir. İlk növbədə aktiv siyasətə, əhalinin məşğulluğuna və onların yaradılan yeni iş yerlərinə cəlb edilməsinə fikir vermək lazımdır. Hər kəs ilk növbədə öz ailəsinin qayğısına qalmalıdır. İşləyə bilirsə, işləməlidir, torpağı varsa, becərməlidir. Bir sözlə, aktiv fəaliyyət göstərməlidir. Dövlətin isə vəzifəsi bütün bunlara şərait yaratmaq, eyni zamanda da, kasıb ailələrə ünvanlı şəkildə yardım göstərməkdir. Bu gün hörmətli Prezidentimizin də siyasəti məhz buna yönəldilmişdir.
Ünvanlı sosial yardım layihəsinin həyata keçirilməsi bizim üçün yeni imkanlar yaradır. Bu çox maraqlı bir cəhətdir. Bir tərəfdən vəsaitin daha dəqiq ünvana çatdırılması, əmək haqlarının, pensiyaların kütləvi şəkildə artırılmasından fərqli olaraq məhz kasıb ailələrə ünvanlı şəkildə ödənilməsi üçün şərait yaradır. Digər tərəfdən isə nazirlikdə qısa müddət ərzində yığılmış məlumat bazası əsasında yeni islahatların həyata keçirilməsinə imkan yaranır. Qeyd etməliyəm ki, indiyənədək rayon, şəhər sosial müdafiə mərkəzlərində 72 minə yaxın ailə qeydiyyata alınmışdır. Həmin ailələr haqqında məlumat bankı yaradılmışdır. Onların ailə, sosial, əmlak və maddi vəziyyətləri barədə bizdə dolğun informasiyalar yığılmışdır. Bu da bizə imkan verir ki, aztəminatlı ailələrin sosial reabilitasiyası proqramının həyata keçirilməsinə başlayaq. Məqsədimiz həmin ailələrin sosial reabilitasiyasını həyata keçirməklə onları tədricən yoxsulluq həddindən çıxarmaqdır. Hazırda bu məqsədlə yeni layihə üzərində işlər aparılır, müvafiq dövlət orqanları və Dünya Bankı ilə məsləhətləşmələr aparılır.
Bir yeni layihə haqqında mən bu gün millət vəkillərinə məlumat vermək istəyirəm. Hesab edirəm ki, bu da çox vacib və əhaliyə xidmət göstərən bir layihə olacaq. İlk növbədə biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, onun xüsusi tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni inzibati bina ayrılmışdır. Bu əlamətdar hadisəni qeyd etməkdə və millət vəkillərinin nəzərinə çatdırmaqda xüsusi məqsədim var. Bu, demək olar ki, respublikada yeni layihənin başlanmasıdır. Əhaliyə daha səmərəli, şəffaf və keyfiyyətli xidmət göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən belə şərti ad ilə – “Vahid Pəncərə” adı ilə yeni sistemin yaradılması istiqamətində işlər aparılır. Məhz ayrılmış yeni inzibati binada nazirin mərkəzi aparatı, nazirliyin tabeliyində olan Əmək Müfəttişliyi, Əlillər ilə Bağlı İşlər üzrə İdarə, Məşğulluq İdarəsi və digər idarələr yerləşir. Həmin inzibati binada müraciət edən əhaliyə daha dolğun xidmət göstərmək olur. Bunun davamı olaraq artıq dövlət büdcəsində nəzərdə tutulub ki, 2007-ci ildə respublikanın 30 rayon və şəhərlərində sosial müdafiə mərkəzlərinin yeni binaları inşa olunsun. Həmin yeni binalarda bizim yerli qurumların bir məkanda yerləşdirilməsi, mərkəzi aparatda olduğu kimi, yerli səviyyədə də əhaliyə kompleks şəkildə yüksək səmərəli xidmət göstərilməsinə şərait yaradacaqdır.
Əlillərin və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı bir çox suallar və təkliflər oldu. Buna görə də 2007-ci ildə bu istiqamətdə bir çox işlərin həyata keçirilməsi nəzərdə tutulur. Biz millət vəkillərinə minnətdarıq ki, müzakirələr zamanı bu sahə ilə bağlı bir sıra dəyərli tövsiyələr söyləmişlər. Konkret tədbirlərə gəldikdə isə qeyd etmək istəyirəm ki, Sumqayıt şəhərində inşasına başlanmış və respublikada hələlik yeganə olan əlillər üçün ixtisaslaşdırılmış idman sağlamlıq mərkəzinin tikintisi artıq 2007-ci ildə başa çatdırılacaqdır. Bunun əhəmiyyəti çox böyükdür, xüsusi ilə də əlillərin asudə vaxtının təşkili, əlillərin cəmiyyətə inteqrasiyası, əlillərin idmanla məşğul olması baxımından çox vacib layihədir. Bu tikintinin 2007-ci ildə sona yetirilməsinə çalışacağıq.
Əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Bakı şəhərində 3 doqquzmərtəbəli 81 mənzilli, Zaqatala və Tovuz şəhərlərində 4 dördmərtəbəli 36 mənzilli, Şamaxı, Qəbələ və Oğuz rayonlarında 2 ikimərtəbəli 16 mənzilli yaşayış binalarının tikintisinə, Abşeron rayonunda 250 evdən ibarət yaşayış massivinin salınmasına, kənd rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 30 ədəd fərdi yaşayış evlərinin tikintisinə başlanacaqdır. Ümumiyyətlə, 2007-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 600-dən çox mənzilin tikintisinə başlamaq üçün 9 milyon manat vəsait nəzərdə tutulmuşdur. Müqayisə üçün qeyd etməliyəm ki, 2006-cı ildə bu məqsədlərə 5 milyon manat vəsait ayrılmışdır. İqtisadi inkişaf naziri cənab Heydər Babayevin qeyd etdiyi kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq daha 500-dən çox mənzilin yerli icra hakimiyyəti orqanları tərəfindən 2007-ci ildə tikintisi planlaşdırılır. Millət vəkillərinin təbii narahatlığına cavab olaraq bildirmək istəyirəm ki, mənzil bölgüsü zamanı Qarabağ əlilləri və şəhid ailələri arasında status baxımından heç bir fərq qoyulmur.
İndiyənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında 27 çoxmərtəbəli yaşayış binası, 194 fərdi yaşayış evi inşa olunaraq bu kateqoriyadan olan şəxslərin istifadəsinə verilmiş, 182-dək ailə mənzillə təmin olunmuşdur. Lakin təbii ki, görülən işlərə baxmayaraq Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında mənzil növbəsinə dayanan bu kateqoriyadan şəxslərin sayının 4 min 800 nəfərdən çox olmasını nəzərə alaraq, onların mənzil təminatını sürətləndirmək məqsədi ilə əlavə tədbirlərin görülməsinə ehtiyac duyulur. Bu kateqoriyadan olan vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi sahəsində işlərin yetərli olmadığını nəzərə alaraq onların mənzil problemlərinin xüsusi ilə də dövlət başçısının tapşırığına əsasən 2007-2010-cu illərdə köklü surətdə həll edilməsinə nail olmalıyıq.
Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə əlaqədar 2007-ci ildə onların xarici ölkələrə və Azərbaycan daxilində müalicəsinə köməklik göstərilməsi planlaşdırılır. 2006-cı ildə Naftalan şəhərində tikintisinə başlanılmış əlillərin bərpa mərkəzinin tikintisinin başa çatdırılması, habelə Yevlax, İsmayıllı və Xaçmaz şəhərlərində belə mərkəzlərin inşası nəzərdə tutulur. Bu məqsədlər üçün 2 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2006-cı illə müqayisədə 500 min manat çoxdur. Eyni zamanda, növbəti ildə əlil vətəndaşlarımızın bərpa vasitələri ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə 1000 ədəd əlil arabasının, 1000 ədəd eşitmə aparatının və Almaniya istehsalı olan protez yarımfabrikatlarının alınması planlaşdırılıb ki, bunun üçün də gələn ilin büdcəsində 2 milyon manata yaxın vəsait nəzərdə tutulub.
Hörmətli millət vəkilləri respublikada əlillərin sayının artırılması ilə bağlı narahatlıqlarını bildirdilər. Şübhəsiz, bu məsələ hamımızı narahat edir. Respublikada elə bir vəziyyət yaranmışdır ki, artıq insanlar əlilliyin alınmasına bir gəlir mənbəyi kimi baxırdılar. Buna görə də hazırda Respublikada 13 mindən yuxarı əlil əmələ gəlmişdir. Düzdür, dünya praktikasında bu və ya digər ölkələrdə əlillərin əhalinin tərkibində xüsusi çəkisi müxtəlifdir. Məsələn, Azərbaycanda bu, 5 faizdirsə, MDB ölkələrində bu, 5 faizdən 10 faizə qədər təşkil edir. Məsələn, Moskvanın özündə 10 faiz, Rusiyada 8 faiz, Ukraynada 7 faiz, bizdə isə 5 faizdir. Amma burada məsələnin bir tərəfi ondan ibarətdir ki, bizdə pensiyaçılar arasında əlillərin xüsusi çəkisi çoxdur. Hörmətli Səlim müəllim artıq qeyd etdi ki, bu ildən başlayaraq pensiyaçıların arasında əlillərin xüsusi çəkisi aşağı düşməyə, enməyə başlayıb. Təbii ki, bu, tərəfimizdən həmin sahəyə yönələn və görülən ciddi işlərin nəticəsidir. Nəzərinizə çatdırım ki, artıq gördüyümüz tədbirlər nəticəsində ilkin əlilliyin səviyyəsi kəskin surətdə aşağı enmişdir. Əgər 2006-cı ilə qədər hər il 30-40 min əlillik verilirdisə, bu il biz 20 min olacağını gözləyirik. 2006-cı ilə qədər əlillər arasında reabilitasiya faizi 3-4 təşkil edirdisə, tərəfimizdən görülən tədbirlər nəticəsində artıq əlillərin reabilitasiya faizi 10-11-ə gəlib çatıbdır.
Şübhəsiz, bu sahədə görüləsi işlər çoxdur. Bu sahədə tibbi-ekspert komissiyalarının mövcud strukturu bizi qane etmir. Zona prinsipi əsasında fəaliyyət göstərən strukturlar səmərəli fəaliyyət göstərə bilmirlər. Təsəvvür edin ki, tibbi-ekspert komissiyaları gündə 70-90 nəfəri tibbi müayinədən keçirir və qərarlar qəbul edirlər. Bu qərarların, şübhəsiz ki, keyfiyyətinə çox böyük şübhə var. Buna görə də tibbi-ekspert komissiyalarının strukturunun təkmilləşdirilməsi, eyni zamanda, əlilliyin müəyyən olunması üçün meyarların təkmilləşdirilməsi üzrə bu gün nazirlikdə çox böyük və gərgin iş gedir. Hesab edirəm ki, biz bu sahədə çox böyük nailiyyətlər əldə edə biləcəyik.
Çıxışımın sonunda bütün millət vəkillərinə, Milli Məclisə konstruktiv müzakirələrə və verdikləri dəyərli tövsiyələrə görə minnətdarlığımızı bildiririk, çox sağ olun deyirik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, İlqar müəllim. Hesab edirəm ki, hörmətli millət vəkilləri, kifayət qədər dolğun, ətraflı məlumat verildi. Vaxtımız sona çatmaq üzrədir. Gələn həftənin ikinci günü Milli Məclis işini davam etdirəcək. Qarşıdan gələn Konstitusiya günü münasibəti ilə hamınızı təbrik edirəm və Konstitusiyada təsbit olunmuş normaların müvəffəqiyyətlə həyata keçirilməsində uğurlar arzulayıram! Sağ olun.