19.11.2014 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ
PROTOKOLU № 97
Mill Məclisin iclas salonu.
19 noyabr 2014-cü il.
İclasa Azərbaycan Respublikası Mill Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
* * *
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Yusif Yusifov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini.
* * *
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
* * *
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Rüstəm Şahbazov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini.
Ceyhun Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ba-rədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələ müzakirə edilmişdir:
Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Fəzail Ağamalı, Fərəc Quliyev, Leyla Abdullayeva, Bahar Muradova, Yevda Abramov, Elmira Axundova, Sədaqət Vəliyeva, Musa Quliyev, Valeh Ələsgərov, Sahib Alıyev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Vahid Əhmədov, Siyavuş Novruzov, Əhməd Vəliyev, Musa Qasımlı, Gülçöhrə Məmmədova, İsmayıl Hacıyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Rafiq Məmmədhəsənov, İlham Məmmədov, Tahir Rzayev, Sevinc Hüseynova, Arif Rəhimzadə, Eldar Quliyev
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
19 noyabr 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 94
Yetərsay 83
Çox sağ olun, yetərsay var. Gündəlik üzrə işimizi davam etdiririk. Dünənki siyahı ilə müzakirələrə keçirik. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar və media təmsilçiləri! Ölkə Prezi-dentinin müəyyən etdiyi iqtisadi strategiyanın həyata keçirilməsində Baş nazir cənab Rasizadənin rəhbərliyi ilə hökumətimiz ciddi uğurlara imza atmaqda davam edir. Dünyada və regionda baş verən ən müxtəlif kataklizmlərin təsirinin yan keçdiyi ölkə iqtisadiyyatı düşünülmüş və çevik siyasətin məntiqinə söykənir.
Əminəm ki, müzakirə etdiyimiz 2015-ci ilin büdcəsi də öz hədəflərinə çatacaq və növbəti illər üçün ümumiləşdirici rol oynayacaqdır. Bəlli olduğu kimi, bu müzakirələrdə millət vəkilləri büdcə ilə tanış olduqdan sonra öz mülahizə və müşahidələrini ortaya gətirərək bəzi təkliflərlə çıxış edirlər. Çox yaxşı haldır ki, bu çıxışlar hökumət üzvləri tərəfindən hər zaman diqqətlə nəzərə alınır və mümkün addımlar atılır. Ümidvaram ki, dünənki və bugünkü müzakirələrdə də bu ənənəyə sadiq qalınacaq, millət vəkillərinin qaldırmış olduğu məsələlər hökumət üzvləri tərəfindən büdcənin təkmilləşdirilməsində nəzərə alınacaq və gələcək il üçün bu baxımdan müəyyən addımlar atılacaqdır.
Bununla bağlı mən də bəzi fikirlərimi, mülahizələrimi diqqətinizə çatdırmaq istərdim. İlk növbədə, seçilmiş olduğum Salyan, Neftçala rayonları ilə bağlı bəzi fikirlərimi hökumət üzvlərinin diqqətinə çatdırmağı vacib sayıram. Məlum olduğu kimi, bu il ölkə Prezidenti Salyan–Şirvan avtomobil yolunun bərpası barədə sərəncam imzaladı və bununla bağlı ilkin addımlar atıldı. Mən komitədə müzakirələr zamanı bu məsələni diqqətə çatdırdım. Amma yenə də ölkənin maliyyə və iqtisadi inkişaf nazirlərinin diqqətinə bu məsələni çatdıraraq xahiş edərdim ki, 12 kəndi və 24 min əhalini mədəni dünya ilə, eyni zamanda, ölkənin cənubunu qərb regionu ilə birləşdirən bu əlverişli yolun bərpası üçün 2015-ci ildə ciddi addımlar atılsın.
İkinci məsələ həmin rayonların qazlaşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, 2015-ci ilə qədər bütün ölkə miq-yasında qazlaşdırma başa çatdırılmalıdır. Mən əhalinin xahişini bir daha diqqətinizə çatdıraraq arzulayardım ki, 2015-ci ildə Salyan və Neftçala rayonları da tamamilə qazlaşdırılsın. Neft və qazın istehsalı ilə bağlı ənənələrə malik Salyan və Neftçala rayonlarında kəndlərin qazlaşdırılmaması ciddi suallar və narahatçılıqlar doğurur.
İkinci toxunacağım məsələ aqrar sektorla bağlıdır. Aqrar sektora dövlət dəstəyi daha da artırılır. Bu sektorun inkişaf hədəflərinə və prioritetlərinə uyğun olaraq konkret addımlar atılır, idarəçilik sistemində təkmilləşdirmələr aparılır. Ölkə Prezidentinin diqqəti nəticəsində aqrar sektorda, təbii ki, ciddi irəliləyişlər var və gələcəkdə bu irəliləyişlərin daha uğurlu nəticələrini gözləyirik.
Bununla bərabər, demək istəyirəm ki, kənd təsərrüfatının inkişaf etdirilməsi təkcə Kənd Təsərrüfatı Nazirliyinin deyil, kənd təsərrüfatı ilə bağlı olan bütün strukturların birbaşa fəaliyyəti ilə bağlıdır. Kənd təsərrüfatında əldə olunan inkişaf qeyri-neft sektorunun inkişafında böyük rol oynayır. Ona görə də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməli və sənaye üsulu ilə istehsal olunan məhsulların kommunikasiya xidmətinə güzəştlər tətbiq olunmalıdır. Emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilməli və onlara da qazın, işığın verilməsi ilə bağlı güzəştlər olmalıdır. Bu, kənd təsərrüfatının inkişafına önəmli təsir göstərərdi.
Digər vacib məsələ daxili bazarın qorunmasıdır. Məlum olduğu kimi, ölkənin meyvə və tərəvəzə olan ehtiyacını Azərbaycanın özü tamamilə ödəmək imkanına malikdir. Lakin xaricdən gətirilən tərəvəz və meyvələrə rüsumun az olması ölkə daxilində istehsal olunan həmin məhsulların rəqabət qabiliyyətini xeyli dərəcədə aşağı salır və Azərbay-can fermerləri bu rəqabətdə kifayət qədər uduzmuş olurlar. Ona görə gələcəkdə bunu da nəzərə almaq zəruridir.
Dünən burada bir məsələyə də diqqət yetirildi. Mən də o fikrin tərəfdarıyam ki, biz təhsilimizin inkişafında əsas diqqəti texniki peşə məktəblərinin bərpasına və inkişafına yönəltməliyik. Hər il 70 mindən çox gənc orta məktəbi qur-tarır, lakin onların peşə təhsili alması, iş tapması və məşğulluğunun təmin edilməsində kifayət qədər problemlər var. Düşünürəm ki, hökumət tərəfindən 2015-ci ildə xidmət sahəsindən başlamış kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrinə qədər texniki peşə təhsili verən məktəblərin müasir tələblər səviyyəsində qurulması istiqamətində çox əhəmiyyətli dərəcədə işlər görülməlidir, çünki bu, zamanın tələbidir.
Vacib məsələlərdən biri bankla bağlıdır. Əlbəttə, bank sisteminin idarə olunmasında Milli Bankın və onun rəhbərliyinin xidmətləri böyükdür. Biz hər zaman bunu qeyd etmişik və bu gün də qeyd edirik. Lakin bu gün kommersiya banklarının verdiyi kreditlərin faizinin həddən çox olması və deyilənlərə görə, 5 milyona qədər Azərbaycan əhalisinin bu kreditlərdən istifadə etməsi son dərəcə xoşagəlməz mənzərəni ortalığa qoyur. Bu faizlərin aşağı salınmasına ciddi ehtiyac duyulur. Əgər bu gün kommersiya bankları Mərkəzi Bankın tövsiyələrinə məhəl qoymur, onlara əməl etmirsə, gəlin düşünək, bəlkə Mərkəzi Bankın daha təsirli tədbirlər görə bilməsi üçün qanunvericilik baxımından ona əlavə səlahiyyətlər verək və ya İnzibati Xətalar Məcəlləsində müəyyən dəyişikliklər edək ki, əhalini kommersiya banklarının nəhəng mədəsindən xilas eləyə bilək.
Elmin inkişafı ilə bağlı fikrimi söyləmək istəyirəm. Bu yaxınlarda elmlə bağlı gözəl bir tədbir keçirildi, Azərbaycanın elm sahəsində qazanmış olduğu uğurlara baxış oldu. Əlbəttə, Azərbaycan xalqı potensialına və intellektinə görə istedadlı xalqdır. Buna şübhə ola bilməz. Bu baxımdan düşünürəm ki, elmin tətbiqi sahələrinə diqqət xüsusi olaraq artırılmalı və bu sahənin inkişafı üçün maliyyə resurslarından istifadə olunmalıdır. Elm sahəsində ciddi nəticələrin əldə olunması üçün bu sahədə həm də fundamental islahatlar aparılmalıdır. Biz buna hökmən getməliyik.
Bütövlükdə, təqdim olunmuş büdcə layihəsini yüksək qiymətləndirirəm və təbii ki, ümumi müzakirələrdən sonra mən də bu büdcə layihəsinə öz müsbət münasibətimi ifadə edəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli sədarət, cənab Baş nazir, hökumət üzvləri və həmkarlar! Mən həm 2015-ci ilin dövlət büdcəsi haqqında fikirləri hörmətli hökumət üzvləri ilə bölüşmək, həm də büdcədəki bəzi düşündürücü məsələlərə onların münasibətini bilmək istəyirəm. Büdcə ölkənin illik inkişafı üzrə dövlət proqramıdır və bu sənəddə kifayət qədər ciddi məsələlər yer alıbdır.
Amma narahatlıq doğuran məsələlər də var. Düşünürəm ki, ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddə deyil və Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri xeyli zəifləyibdir. Vergi daxilolmalarında qeyri-neft sektorunun payı cəmi 34 faiz olub. Etiraf olunmalıdır ki, keçən dövrdə ixrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilməyibdir. Aqrar sektora üstünlük verməklə bir çox rayon və şəhərlərin mərkəzi xərclərdən azad olunması istiqamətində işlər qənaətbəxş sayıla bilməz. Əyalət siyasəti kompleks tədbirlərlə stimullaşdırılmaqla daha çox rayon və şəhər mərkəzi xərclərdən azad oluna bilərdi və bu vəsait daha çox uyğun olan yerlərə sərf olunardı. Amma bu yanaşma qarşıdakı ildə mütləq reallaşdırılmalıdır.
Burada neft siyasətinin doğruluğu nə qədər əsaslandırılsa da, bu siyasətlə bağlı arxayınçılıq yaransa da, hər halda büdcəmizin hələ də neftdən asılılığı bizi narahat etməlidir. Burada büdcənin gəlirlər hissəsinin yarıdan çoxunun bu gün Dövlət Neft Fondunun hesabına təmin olunduğu göstərilibdir. 2015-ci ilin neft gəlirlərinin xam neftin bir barelinin 90 dollar hesabından proqnozlaşdırılması da, məncə, düşündürücüdür, çünki ekspertlərin hesablamalarına görə qiymət 70 dollara qədər düşə bilər. Dünya bazarında neftin qiymətinin 80 dollarlıq psixoloji baryerə yaxınlaşmasına rəğmən bu, məncə, çox riskli bir siyasətdir və büdcə ilə bağlı müəyyən problemlər vəd edir.
Başqa bir məsələ rus rublu ilə bağlıdır. Biz dövlət olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiya-tına daxil etmişik və rus valyutası dollara nisbətdə dəyərini son vaxtlar əhəmiyyətli dərəcədə itiribdir. Paralel olaraq Dövlət Neft Fondu Rusiyanın ikinci böyük bankı olan VTB Bankının da 500 milyonluq səhmini alıbdır və orada da səhmlərin nominal dəyəri ucuzlaşıbdır. Mən hesab edirəm ki, belə gedərsə, – hərçənd bunun belə getməsinə heç kim təəccüblənməyəcəkdir, – bizim oradakı aktivlərimizin əriməsi prosesi gedəcəkdir. Ona görə rus rublu ilə bağlı siyasət də, məncə, redaktə olunmalıdır.
Neftin qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatına nələri vəd edir? Bunu hökumət üzvləri bildirdilər. Amma hesab edirəm ki, bu həm indiki büdcə siyasətində, həm də yaxın və uzaq planlamalarda nəzərə alınmalıdır və ən azı ümumi daxili məhsulun böyüməsi və iqtisadi artımın davamlı və proporsional formada bütün sektorlarda inkişafı hesabına əldə olunması üçün indidən müəyyən reseptlər hazırlanmalıdır. Çünki biz çox ciddi bir dövrə gəlib çatmışıq.
Dövlətin siyasətində büdcə siyasəti öz əksini mütləq göstərməlidir. İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır. Bu, ən azından növbəti il üçün də nəzərdə tutulmalıdır. Çünki Azərbaycanı neft gəlirlərindən asılı olmayan bir ölkəyə çevirmək, neftdən gələn gəlirləri əlavə qazanc kimi nəzərdə tutmaqla, sanki neft yox imiş kimi digər resurslar, imkanlar səfərbər olunmaqla büdcənin formalaşdırılması yolu mütləq düşünülməlidir. Başqa ölkələrdə, neftsiz ölkələrdə bunu edirlər. Mən hesab edirəm ki, neft gəlirləri yalnız qarşıdakı dövrdə ya işğal olunmuş ərazilərimizin azad olunması üçün savaşa, ya da dinc yolla azad olunarsa, orada bərpa işlərinə sərf olunmalıdır.
Başqa bir məsələ yoxsulluqla mübarizə siyasətidir. Əgər belə bir siyasət nəzərdə tutulursa, ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti əvəzinə nisbi yoxsulluq siyasəti yürüdülməlidir. Bu olmazsa, həmin hədəflərə ça-tılmaz.
Büdcənin sosial yönümlüyü də mütləq əhalinin həyat tərzində görünməlidir. Bunun üçün minimum əmək haq-qının, pensiyanın minimum məbləğinin, yaşayış minimumu həddinin artırılması vacibdir. İstehlak səbətinə münasibətdə bu hədlərin adekvat olmadığı başqa deputatlar tərəfindən də bildirilibdir. Mən hesab edirəm ki, bununla hamı razılaşar. Yaşayış minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamaları və Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında müəyyənləşdirilir. Doğrudanmı, bu qurumlar bazarın monitorinqini aparıb o qənaətə gəliblər ki, bu rəqəmlər istehlak səbətinə adekvatdır?
Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün də bir çox amillərlə yanaşı, dövlət–bazar–mülki cəmiyyət münasibətlərində kölgə iqtisadiyyatının aradan qaldırılması işləri görülməlidir. Əgər belə bir proqram hazırlanmazsa, bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznes aktivliyini saxlayacaqdır. Vergidən yayınanları vergiyə cəlb etmək mümkün olmadıqca isə dövlət büdcəsi ağır zərbələr alacaqdır.
Büdcə siyasəti və büdcənin hazırlanması ilə bağlı burada deputatların verdiyi təkliflərə mən də qoşuluram. Hesab edirəm ki, deputatların irəli sürdükləri təkliflər mütləq nəzərə alınmalıdır. Mən keçən il sizin iştirakınızla burada Milli Məclisin ehtiyat fondunun yaradılması məsələsini qaldırmışdım. Başqa deputatlar da bu haqda fikirlərini bildirmişdilər. Mən hesab edirəm ki, bu məsələ indi də aktuallığını saxlayır. İndiki vəsaitlə Milli Məclis potensialının 10 faizini belə ortaya qoya bilmir. Bütün görüşlərə və təbliğat işlərinə baxın, xaricdəki məsələlərə baxın. Bütün ağırlığın 90–95 faizi Milli Məclisin üzərində olubdur. Bu işi daha da genişləndirmək, ictimai rəy liderlərini Azərbaycana gətirmək, Azərbaycan daxilində müəyyən tədbirlər görmək üçün, məncə, bu fondun yaradılması vacibdir. Hesab edirəm ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti ciddi şəkildə düşünməlidir. İndiki kataklizmlər vəziyyətində cəmiyyətlə hökumət arasında dövlətin ən ciddi körpüsü deputatlardır və hesab edirəm ki, onlar üçün bu şərait yaradılmalıdır.
Mən keçən il dövlət büdcəsinin müzakirəsində təklif etdiyim bir fikri yenə də bildirmək istəyirəm. Hesab edirəm ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməli və gənclik siyasəti üçün işlədilməlidir. Gənclərə 2–3 faizlə kredit verilməli, rayonlarda olan gənclərə rayonlarda, şəhərlərdə olanlara şəhər ətrafında torpaq sahəsi verilməklə onların mənzil məsələsi həll olunmalıdır. Rusiyada baş verənlərlə bağlı olaraq orada bizim adamların, yəni 1 milyon 500 min insanın gəlirləri iyirmi dəfədən çox azalıbdır və onlar ölkəyə qayıtmağa başlayıblar. Məncə, onlara münasibətdə də bu siyasət çox yerində olar.
Mən başqa bir təkliflə də çıxış etmək istəyirəm. Bakı şəhərinin yollarının təmiri ilə bağlı çox ciddi işlər görülür. Yol qovşaqları salınıbdır. Bütün bunlar alqışlanan hallardır, amma tıxac problemi həll olunmur. Hesab edirəm ki, Bakı–Sumqayıt metro xəttinin və aeroport metrostansiyasının tikilməsi və əgər belə bir fikir varsa, tezləşdirilməsi mühüm məsələ olardı.
Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 3,5 faiz artı-rılıb. Məncə, bu, yetərli deyil. Müəllimlərin maaşlarının acınacaqlı olması fikri burada da səsləndi. Mən də razılaşıram ki, onların əmək haqları artırılmalıdır.
Təhsillə bağlı mən bir təklif də vermək istəyirəm. Gürcüstan doğumlu soydaşlarımız üçün bir limit ayrılsın. Bu, 50, ya 100 yer də və sair də ola bilər. Amma hər halda biz Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı yerlərin kadr təminatı üçün addım atmalıyıq. Azərbaycan ali məktəblərinə qəbul üçün məhz onların arasında bir testin keçirilməsi çox vacibdir. Onların arasından ən yaxşılarını seçib, hazırlayıb, bu kadrları ora göndərməliyik ki, bizim orada kompakt yaşayan insanlarımız gələcəkdə Azərbaycana qayıtmasınlar.
Başqa məsələ. 2015-ci il türklərə qarşı soyqırımının yüz-illiyidir. Hərçənd bunu ermənilər əksinə bildirirlər. Müəyyən işlər görülür, Diasporla İş üzrə Dövlət Komitəsi çox ciddi fəaliyyət göstərərək Azərbaycan diasporunun inkişaf tempini ermənilərdən xeyli qabağa aparıbdır. Amma bu il onlara bir az da vəsait artırmaqla əlaqələndirilmiş bir siyasət yürüdülməsini təmin etmək lazımdır.
Mən hökumət tərəfindən məcburi köçkünlərin mənzillə təminatını yüksək qiymətləndirir, alqışlayıram. Amma məqsədəuyğun olar ki, qovulduqları vaxt hərbçilərin mənzillərində məskunlaşmış köçkünlərin mənzillə təminatı ön plana çəkilsin ki, hərbçilərimiz də öz mənzillərinə qayıda bilsinlər.
Mən bütövlükdə bu davamlı inkişaf proqramını əhəmiyyətli proqram hesab edirəm. Ümid edirəm ki, hamımız əl-ələ verərək orada nəzərdə tutulan və deputatlar tərəfindən təklif olunan məsələlərin həyata keçməsi üçün çalışacağıq. Tənqidlərimlə yanaşı, hörmətli hökumət üzvlərinin hamısına fəaliyyətində uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsi layihəsi ilə bağlı qeyd edim ki, layihə yüksək səviyyədə hazırlanmışdır. Ümumiyyətlə, artıq sona çatmaqda olan 2014-cü ildə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinamik inkişaf prosesləri, sosial-iqtisadi sahədə islahatlar davam etmişdir. Ölkəmiz regionun lider dövləti statusunda möhkəmlənmiş, makroiqtisadi tarazlıq tam şəkildə təmin edilmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, inflyasiya prosesləri aşağı, birrəqəmli səviyyədə saxlanılmışdır. Beynəlxalq Val-yuta Fondunun proqnozlarına görə, 2014-cü ilin sonuna kimi dünya ölkələri arasında ən aşağı inflyasiya Azərbaycan Respublikasında gözlənilir.
Cari ilin 9 ayında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz, bir nəfərə düşən gəlirlər isə 4 faiz artmışdır. Məhz ölkə rəhbərliyinin düşünülmüş və məqsəd-yönlü siyasətinin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı dünyanın 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasında yer almaqdadır.
Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihə ilə tanışlıqdan sonra əminliklə demək olar ki, bu tendensiyalar üzümüzə gələn 2015-ci ildə də davam edəcəkdir. Belə ki, büdcə layihəsinin bütün göstəriciləri bunun üçün lazım olan tələblərə cavab verməkdədir. Xüsusilə ölkənin makroiqtisadi göstəricilərinin sabit artımının, qeyri-neft sektorunun davamlı inkişafının reallaşacağını inamla proqnozlaşdırmaq mümkündür.
Mən Sumqayıtdan olan millət vəkili kimi qeyd etmək is-tərdim ki, təmsil etdiyim şəhər daim ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss etmək-dədir. Büdcə layihəsinin göstəriciləri də bunu bariz şəkildə göstərməkdədir. Artıq bir neçə ildir ki, Sumqayıt dotasiyasız şəhər statusu qazanmışdır. Sumqayıt şəhəri öz xərclərini böyük ölçüdə özü ödəməkdədir. Möhtərəm Prezident İlham Əliyev də mütəmadi olaraq Prezidentin ehtiyat fondundan şəhərin ehtiyacları üçün maliyyə vəsaiti ayırır ki, bu da şəhərimizdə gedən quruculuq və abadlıq işlərinin miqyasını daha da genişləndirir.
Hörmətli cənab nazir, eyni zamanda, Sizə Sumqayıtla bağlı iki məsələyə görə müraciət etmək istəyirəm. Belə ki, qaldıracağım məsələlər şəhərimizin öz maliyyə imkanları ilə həll edilə bilməyəcəkdir. Bu məsələlər üçün ayrıca vəsaitə ehtiyac vardır ki, mən də fürsətdən istifadə edib bunu nəzərinizə çatdıraraq Sizdən dəstək verməyinizi xahiş edirəm.
Birinci məsələ Acıdərə adlanan axarla bağlıdır. 9,5 kilo-metr uzunluğunda olan bu axar böyük problemlər mənbə-yidir. Bu axara yeraltı və kanalizasiya suları axıdılır. Eyni zamanda, bu ərazidə yerləşən əhali və bəzi müəssisələr də tullantılarını buraya axıdırlar. Tuqzavod deyilən ərazidən başlayan bu su axarı Xəzər dənizinə tökülür və ciddi ekoloji problemlər yaratmaqdadır. Son dövrlərdə 5 kilometr uzunluğunda daha bir qol da formalaşmışdır. Acıdərə axarının ətrafında 10 mindən çox sakin yaşamaqdadır ki, bunun da 30 faizi məcburi köçkünlərimizdir. Bu axar, dediyimiz kimi, ekoloji problemlərə səbəb olur. Çirkab suları ətrafa yayılır, antisanitariyaya səbəb olur.
Bu problemin həlli həmin axarın boruya alınmasıdır. Bu-nunla bağlı, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nüma-yəndələri ərazidə olublar, layihə hazırlayıblar. Bildiyim qədər, layihə artıq hazırdır. Lakin layihənin reallaşdırılması gecikir. Çünki bunun üçün kifayət qədər maliyyə vəsaitinə ehtiyac vardır. Sumqayıt şəhəri öz gücünə bunu edə bilmə-yəcəkdir. Odur ki, xahiş edirəm, bu problemin həllində bizə köməklik edəsiniz.
İkinci məsələ Sumqayıtda yerləşən yataqxanalarla bağlıdır. Sumqayıtda hökumətimiz xeyli işlər görür. O cümlədən mənzil məsələsi daim diqqətdədir. Yeni binalar tikilir, mövcud binalar təmir edilir. Lakin yataqxana məsələləri daha çox diqqət və dəstək tələb edir.
Sumqayıt şəhərində cəmi 77 yataqxana mövcuddur. Onlardan 63-ü dövlət mənzil fondunun, 14-ü isə ayrı-ayrı müəssisələrin balansındadır. Qeyd edilən 63 yataqxanada 15 minə qədər əhali məskunlaşıb ki, onun 4800 nəfəri məcburi köçkünlərimizdir.
Bu yataqxanalarımızın əksəriyyətinin istismar müddəti keçmişdir. Qəza vəziyyətində olanlar da var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin ekspertiza rəyləri mövcuddur. Xüsusilə 17 yataqxananın vəziyyəti daha ciddidir. Bu gün Sumqayıtdakı bu birgəyaşayış binalarının ciddi təmirə ehtiyacı vardır. Orada yaşayan sakinlər gündəlik məişətdə xeyli problemlərlə rastlaşırlar. Gigiyena məsələləri, təmizlik problemləri ciddidir. Əsaslı və ciddi təmirə dayanmaları üçün isə xeyli maliyyə vəsaitinin ayrılmasına ehtiyac var. Bir daha qeyd edirəm ki, bu məsələlər şəhərin gücü ilə həll edilə bilməz. Hökumətin köməyinə ehtiyac var.
Bu iki problemin həllinin maliyyələşdirilməsinə diqqət yetirəcəyinizə ümid edirəm. Mən də büdcə layihəsinə səs verəcəyəm. Həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bahar Muradova buyursun.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Biz artıq iki gün-dür büdcə məsələləri ətrafında fikir mübadilələri aparırıq. Əsas rəy ondan ibarətdir ki, hökumətin bütün parametrlər üzrə tələblərə uyğun gələn büdcə paketi qarşıdakı il üçün müəyyən olunmuş bütün məqsədlərə çatmaq üçün imkanlar yaradır, eyni zamanda, bundan əvvəlki illər və bu il ərzində görülən işlərin artırılması istiqamətində yeni perspektivlər vəd edir. Ona görə mən dünəndən bəri səslənən bütün fikirlərə şərik olduğumu bildirərək bir neçə məsələ üzərində dayanmaq istəyirəm.
Əlbəttə, iqtisadi məsələlər, ölkənin iqtisadi inkişafı, sosial sfera Azərbaycan dövlətinin bütün digər istiqamətlərdə inkişafını şərtləndirən əsas amillərdir. Amma dövrümüz çox tez dəyişən çevik bir dövrdür. İstər ölkə içərisində, istərsə də dünyada gedən proseslər bu məsələlərdən kənar problemləri də diqqətə gətirməyi vacib edir. Biz bəzi hallarda bir çox məsələlərə sonradan cavab verməli oluruq. Ona görə də düşünürəm, vurğulayacağım bir-iki məsələni builki büdcə layihəsində nəzərə almağa xüsusi ehtiyac var.
Biz bilirik ki, bu gün bölgədə və regionda münaqişələr, separatizm meyilləri, etnik, milli, dini ayrı-seçkilik halları və ərazi iddiaları, digər problemlər artıq regionu deyil, bütün dünyanı əhatə edir. Bunun da özünün doğurduğu bir sıra problemlər var. Beynəlxalq hüququn prinsiplərinə bu hüququn yaradılmasında bilavasitə iştirak etmiş fövqəldövlətlərin özləri tərəfindən saymazyana münasibət göstərildiyi halda qarşıdakı illərdə nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də mütləq ədalət axtarışında olduğumuz halda dünyada mütləq ədalətsizliyin hökmran olduğu meyillərini görərək bu məsələləri diqqətə almamaq mümkün deyil.
Mən Azərbaycana qarşı qaralama kampaniyasının, Azər-baycanın uğurlarını gözügötürməzlik, iqtisadi inkişafından narahat olmaq, hərbi qüdrətinin artmasından ciddi nigarançılıq keçirmə hallarının törətdiyi fəsadlardan danışmaq istəyirəm. Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və aparıcı dövlətlər tərəfindən körüklənən bir sıra prosesləri nəzərdə tuturam. Bu hallar çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha aşkar büruzə verir və biz beynəlxalq təşkilatlara, beynəlxalq mərkəzlərə öz mövqeyimizin doğruluğunu, düzgünlüyünü isbat etmək üçün çox mücadilə aparmalı oluruq. Bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar.
Ona görə mən düşünürəm ki, biz özümüzün Milli Məc-lisdə qəbul etdiyimiz “İctimai iştirakçılıq haqqında” Qanundan daha səmərəli istifadə olunmasına xüsusi diqqət yetirməliyik. Biz bu yaxınlarda Milli Məclis olaraq bu qanundan irəli gələn bir addım atdıq – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bir anlaşma memorandumu imzaladıq.
Tərəflərin bu memorandum vasitəsilə üzərinə götürdüyü öhdəliklər bir sıra yeni aspektlərdə fəaliyyətləri sərgiləməyi vacib edir. Bunlar Milli Məclis tərəfindən qəbul olunan qanunların təbliği istiqamətində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan istifadə etmək, qeyri-hökumət təşkilatları vasitəsilə daha geniş təbəqələri, vətəndaş cəmiyyətinin nümayəndələrini qanun yaradıcılığı prosesinə cəlb etmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və əxz etmək, eləcə də qeyri-hökumət təşkilatlarının özünün inkişafı və cəmiyyətdə daha vacib yer tutması baxımından çox əhəmiyyətli öhdəliklərdir. Biz bu düşərgə ilə daha artıq yaxınlaşdıqca daha çox işlər görəcəyimizi təxmin edirik.
Dünən burada bizim həmkarımız fikirlərini səsləndirdi. Biz artıq beynəlxalq arenaya çıxma istiqamətində xeyli nailiyyətlər, uğurlar əldə eləmişik. Mən getdikcə daha artıq əmin olmağa başlayıram ki, Azərbaycanın bu sahədəki təc-rübəsi dünya tərəfindən ciddi şəkildə öyrənilməlidir. İnki-şafın Azərbaycan modeli, tolerantlığın Azərbaycan modeli olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində də bir Azərbaycan modeli vardır. Biz bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını aramalıyıq. Bu, QHT-lərlə əməkdaşlığın yeni aspektlərinin müəyyənləşdirilməsi ilə başa gələ bilər.
Biz qeyri-hökumət təşkilatlarının müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edir, eləcə də beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə qanunla şərait yaradırıq. Amma çox zaman bu fəaliyyətlər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur və biz beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən qaynaqların Azərbaycanda öz maraqlarını reallaşdırmasının şahidi oluruq. Ona görə də Azərbaycan beynəlxalq miqyasda ədalətsizliyə qarşı səsini qaldırmalı, öz həqiqətlərinin dünyada yayılması işini təşkil etməlidir.
Ölkə içərisindəki layihələrə əgər az miqdarda vəsait lazım olurdusa, bizim bu gün beynəlxalq layihələrə çıxışlarımız üçün daha artıq maliyyə vəsaitinə ehtiyacımız vardır. Mən, misal üçün, demək istəyirəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən il ərzində təkcə beynəlxalq aləmdə 20-dək tədbir keçirib. Bu tədbirlər həm Avropa İttifaqı, həm ATƏT, həm Avropa Şurası, həm də digər beynəlxalq təşkilatlarla birgə layihələrdir. Xaricdə yaşayan soydaşlarımız və digər xalqların nümayəndələri, eləcə də dünyada tanınmış aparıcı simalar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant layihələri üçün maliyyələşmə alıblar və onlar artıq bizimlə birlikdə Azərbaycan həqiqətlərini yaymaq istiqamətində çoxsaylı işlər görürlər.
Ona görə də mən çox xahiş edərdim, biz düşünməyək ki, 6 milyon bu Şuranın fəaliyyəti üçün çox böyük vəsaitdir. Əgər biz bu istiqamətdə qarşımızda duran vəzifələri göz önünə gətirsək, görərik ki, o vəsait bu vəzifələri yerinə yetirməyə kifayət etmir. Azərbaycan dövlətinin mediaya, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara göstərdiyi müsbət münasibət bizə imkan verir xahiş edək ki, bu istiqamətdə maliyyə vəsaitlərinin artırılması işinə bir daha baxılsın. Çünki bu vəzifələri yerinə yetirmək, Qarabağ həqiqətlərini dünyada yaymaq, Azərbaycanın üzləşdiyi problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu Şuraya ayrılan vəsaitin miqdarını artırmaq lazımdır. Dünən bizim həmkarımız o miqdarın bu gün üçün 10 milyon olduğunu söylədi. Mən onun nə qədər ola biləcəyini söyləyə bilmərəm. Amma artırılmasının vacibliyini vurğulamaq istəyirəm.
Eyni zamanda, dini radikalizmin, tolerantlığa alternativ olan neqativ səylərin dünyada artdığını görərək mən düşü-nürəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də bu kimi məsələlərə diqqət yetirməyə ehtiyac vardır. Biz bilirik ki, dini maarifləndirmə üçün Azərbaycan hökuməti müəyyən miqdarda vəsait ayırır və bu işlə Qafqaz Müsəlmanları İdarəsi məşğul olur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə digər dinlərdən olan icmaların fəaliyyəti üçün ayrılmış müəyyən vəsait vardır. Bu vəsait, təbii ki, o icmaların işinin təşkilinə, maarifləndirmə işinə gedə bilər. Amma bu sahədəki layihələri maliyyələşdirmək üçün məhz “İctimai iştirakçılıq haqqında” Qanundan istifadə edərək bu komitə ətrafında qeyri-hökumət təşkilatlarının bu və ya digər məsələni özündə əks etdirən fəaliyyətini maliyyələşdirmək üçün, hesab edirəm ki, bu quruma da müəyyən vəsaitin ayrılmasına ehtiyac var.
Mən bilmirəm, bu qurum bu vəsaiti istəyir, yoxsa yox. Amma hesab edirəm ki, ən azı Azərbaycandakı dini tole-rantlıq modelinin tanıdılması və ona zidd mövqelərə qarşı münasibət sərgiləmək üçün bu işin maliyyələşdirilməsinə ehtiyac vardır. Bəlkə də bu il ərzində müşahidə edib müəyyənləşdirmək olar ki, bu işləri hansı aspektdə, hansı istiqamətdə maliyyələşdirmək olar. Amma mənə elə gəlir ki, bu sahədə də layihələrin məhz Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsinə ehtiyac var.
Biz xarici donorlardan asılılığı aradan qaldırmalı və bu işi öz əlimizə almalıyıq. Onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətlər yaradılması işini daha da ciddiləşdirmək və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirmə işini daha da asanlaşdırmaqla QHT-ləri bu işə təşviq etmək üçün maliyyə addımlarına ehtiyac vardır.
Mən bütün bu təkliflərin belə bir ağlabatan miqdarda qəbul olunacağına inanıram və büdcə paketinə daxil olan qanun layihələrini hazırlayan, bu işi təşkil edən hökumətə uğurlar arzulayıram. Arzu edirəm ki, problemlərimiz az, imkanlarımız isə daha çox olsun. Mən büdcə layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Yevda Ab-ramov.
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Digər həmkarlarım kimi mən də büdcə zərfini hazırlayıb bizə təqdim edən mütəxəssislərə minnətdarlığımı bildirirəm. Doqquz ilə yaxındır ki, mən Milli Məclisdə büdcə məsələləri prosesində iştirak edirəm. Hiss olunur ki, büdcəmiz və bütövlükdə büdcə institutu ildən-ilə təkmilləşir.
Mən yüksək pafoslu sözlər işlətmək istəmirəm. Mənim ürəyimdə olan tikanı Bahar xanım çıxartdı və demək istə-diklərimin əksəriyyətini dedi. Onun söylədiklərinə əlavə olaraq bunu demək istəyirəm ki, biz nə qədər demokratiya yolunda inkişaf ediriksə, milli azlıqlara münasibətimiz müsbət mənada nə qədər dəyişirsə, nə qədər tolerant oluruqsa, qonşularla münasibətdə nə qədər balanslaşdırma siyasəti yürüdürüksə, o qədər başımız daşa dəyir.
Mən bunu Avropada üç gün qabaq gördüm. Həmkarım Sahibə xanım ilə biz Parisdə və Strasburqda YUNESKO-nun böyük bir tədbirində iştirak etdik. Mən Azərbaycana olan münasibəti orada da gördüm. Əlbəttə, biz hər iki şəhərdə lazım olan sözlərimizi dedik. Parisdə yumşaq dedik, Strasburqda daha kəskin dedik. Bunu mən nəyə görə deyirəm? Yəni büdcəmizin hərbi maddəsinin çoxaldılması, həqiqətən, vacibdir. Mən bunu hiss edirəm. Bizim başqa çarəmiz yoxdur. Biz müharibə vəziyyətindəyik və büdcədə hərbi sahəyə qoyulan vəsait bundan da artıq olmalıdır.
İkinci, QHT-lərə münasibət daha da dəyişilməlidir. Burada maliyyə vəsaitini artırmaq lazımdır. QHT-lərə lazımi nəzarət etmək lazımdır ki, onlar bu işi daha yaxşı görsünlər. Buna ehtiyac var.
Mən iqtisadçı deputat olmasam da, büdcəyə yaxşı bələdəm. Büdcəmiz düzgün təyinatlı, sosial təminatlı bir büdcədir. Amma millət vəkili olaraq mən, təbii ki, seçildiyim rayonun əhalisinin, seçicilərinin istək və arzularını bu zalda səsləndirməliyəm. Hökumət üzvlərinin, maliyyə nazirinin burada olmasından istifadə edərək bizi maraqlandıran bir sıra məsələləri qabartmaq istəyirəm.
Cənab Prezident rayonda olarkən biz qardaşım, dostum Vahid müəllimlə bir sıra məsələləri cənab Prezidentdən xahiş etmişdik. Çox sağ olsun, çox qısa müddətdə reaksiya verildi, qaldırılmış məsələlərin bir-ikisi həll olundu. Mən keçən il hökumətin hesabatında Ziya Məmmədova təşəkkürümü bildirdim. O, Sovet İttifaqının görmədiyi bir işi gördü, böyük bir tarixi körpünü elə təmir etdirdi ki, əvvəlkindən də yaxşı çıxdı və ikinci körpünü də hədiyyə olaraq Qudyalçay üzərində qurdu.
Səhiyyə naziri qarşısında qaldırılan məsələ də artıq həllini tapmaqdadır. Qubada lazım olan bir xəstəxana və poliklinikanın tikilməsinə başlanılıb. Biz ona da minnətdarıq.
Amma qaldırılan məsələlərdən ən mühümü Quba–Qonaqkənd–Şamaxı yolunun dövlət investisiya planına salınması idi. Biz bunu da xahiş etmişdik. Vahid müəllim sonra cənab Prezidentə məktubla müraciət etmişdi. Bildiyimə görə, hökumətlə danışıqlar aparılıb. Mən bu gün Samir müəllimdən dönə-dönə xahiş edərdim ki, bu yol 2015-ci ilin dövlət investisiya planına salınsın. Bu yolun çox böyük strateji əhəmiyyəti var. Mən burada kiməsə mühazirə oxumaq istəmirəm. Bu Quba–Şamaxı yolu kəsə yoldur və hərbi-strateji yol ola bilər. O, eyni zamanda, Rusiya sərhədini Azərbaycanın müəyyən rayonları ilə birləşdirən çox gözəl yol ola bilər. Bu yolun üstündə yüzdən çox kənd yerləşir. Bu yol insanların rayon mərkəzi ilə əlaqəsini daha da gücləndirəcəkdir.
Məsələlərdən biri Qubada tikilməsi nəzərdə tutulan bey-nəlxalq aeroportdur. Əhalidən bizə bununla bağlı məktublar gəlir. Rayonda bunu bizdən soruşur, maraqlanırlar. Bu işə başlanmışdı. Nədənsə 5–6 ay bundan qabaq ora gətirilən bütün texnika rayondan çıxarıldı. Əhalidən xeyli torpaq alınıb. İndi yüzdən çox ailə, yəni aeroport ərazisinə düşəcəyi proqnozlaşdırılan torpaqların sahibləri bilmək istəyirlər, bu iş baş tutacaq, tutmayacaq, orada meyvə ağaclarını kəsməlidirlər, ya onlara qulluq edib becərməli, məhsul almalıdırlar. Buna hökumət cavab verməlidir. Bunu bir deputat sorğusu, bir mesaj kimi qəbul edin. Yəni hökumət buna cavab versin ki, xalq da bunu bilsin. Buna ya bu gün burada, ya da televiziya vasitəsilə cavab verilsin. İndi orada şayiələr gəzir ki, Rusiya buna müdaxilə edir. Rusiya sərhədinə yaxın olduğu üçün guya belə aeroportun tikilməsi beynəlxalq konvensiyalara uyğun deyil. Yəqin ki, buna ən doğru cavabı hökumət verəcəkdir.
Cənab Prezident həmçinin çıxışlarında bütün rayonların 2013-cü ilə qədər qazlaşdırılmasının başa çatdırılması tələbini irəli sürürdü. Amma bilmirəm, nədənsə, – bir sıra deputat həmkarlarım da bu məsələni qaldırdılar, – rayon-larda qazlaşdırma işi hələ tamamlanma mərhələsinə çatma-yıb. Qəribəsi də budur ki, bir kəndin, məsələn, yuxarı hissəsi qaz alır, aşağı hissəsi qaz almır. Bu da insanlarda bir az anlaşılmazlıq yaradır.
Əlbəttə, hökumətin son illərdə apardığı düzgün iqtisadi siyasət və cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən iqtisadi strategiya xalq tərəfindən bəyənilir və razılıqla qəbul olunur. Xalq Prezidentin yanındadır. Mən arzu edərdim ki, hər bir məmur, hər bir nazir cənab Prezident kimi vətənpərvər, cənab Prezident kimi ölkəsinin, xalqının qayğısını çəkən bir insan olsun. Amma yenə deyirəm ki, ya yerli məmurların, ya da digər əlaqədar təşkilatların günahı üzündən bəzən yerlərdə həyata keçiriləsi işlər ləngidilir.
Xalqın istək və arzularından biri də kəndarası yolların bərpası məsələsidir. Yolların əksəriyyəti keçən əsrin 40–50-ci illərində, yəni sovet dövründə çəkilmiş, asfaltlaşdırıl-mışdır. Düzdür, bu gün ölkəmizdə rayonlararası yollar, baş magistrallar çox yüksək səviyyədədir. Əlbəttə, biz dostumuz və həmkarımızın rəhbərlik etdiyi “Azəryolservis”ə heç bir çətinlik olmadan təkliflərimizi verə bilirik və o təkliflərin bir hissəsi öz müsbət həllini tapır. Ümid edirəm ki, bu məsələ də dövlət büdcəsində nəzərə alınacaqdır. Bu gün Xeyransa nənəni Bakı–Quba yolu maraqlandırmır, onu kənd və Quba yolu maraqlandırır, o, əsasən, rayon mərkəzinə, Qubaya gəlir. Ona görə bu məsələlər gündəmdə olmalıdır.
Mən bir sıra məsələlərdə deputatlarımız tərəfindən irəli sürülən təkliflərin tərəfdarıyam. Məsələn, mən də o fikirdə-yəm ki, Dövlət Neft Fondundan əsaslı investisiya xərclərinə pul ayrılmasından qorxmaq lazım deyil. Mən bilirəm ki, fonda pullarımızın bir hissəsi rublla qoyulub. Bu gün rublun vəziyyəti hamıya məlumdur və mənə elə gəlir ki, onunla bağlı proqnoz yaxşı heç nə vəd etmir, rublun dəyəri gələn il daha da aşağı düşəcək. Ona görə Dövlət Neft Fondunda neftin pullarını rublla saxlamaq, məncə də, bir az risklidir.
Bu gün neftin qiymətinin də hansı həddə qədər düşəcəyini müəyyənləşdirmək mümkün deyildir. Düzdür, biz neftin bir barrelinin qiymətini 90 dollardan götürmüşük, amma mən əminəm ki, gələn ilin 7-ci ayına qədər neftin qiyməti aşağı düşməkdə davam edəcəkdir.
Sonuncu təklifim – rayonlarda ali məktəblərin filial kimi yox, müstəqil olması bizim böyük arzularımızdan biridir.
Ümumilikdə, büdcəyə səs verəcəyəm. Çox gözəl büdcə-dir, uğurlu, düşərli olsun. Elə olsun ki, büdcəmizə haram qatılmasın, büdcəmiz xalqımıza, ölkəmizə, qüdrətimizə, müdafiə qabiliyyətimizə kömək etsin. Sağ olun, minnət-daram.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hökumət nümayəndələri! Bildiyiniz kimi, dünya iqtisadi böhrandan sonra bir çox xoşagəlməz hadisələrlə, Ukrayna və Yaxın Şərq hadisələri ilə yenidən sarsıldı ki, bu da dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir. Əlbəttə, neftin qiymətinin aşağı düşməsi də dünya iqtisadiyyatına mənfi təsir etdi. Məsələn, bütün Avropanı qazla, neftlə təmin edən Rusiya kimi nəhəng bir dövlətin iqtisadiyyatı ən ağır dövrlərindən birini yaşayır, rus rublu bir neçə ayın ərzində dəyərini iki dəfəyə qədər itirib. Bir çox dünya dövlətlərində büdcə xərcləri azaldılıb. Məsələn, Rusiyada pensiyalar dondurulur. Bizdə isə pensiya islahatları davam etməkdədir.
Bütün bunların fonunda manatımızın məzənnəsinin stabil olması böyük nailiyyətdir. Buna görə mən ilk növbədə Mərkəzi Bankın rəhbəri və onun komandası tərəfindən düzgün icra olunan monetar siyasəti yüksək qiymətləndirirəm. Hətta Rusiya ekspertləri bizim Mərkəzi Bankın siyasətini misal gətirərək bu sahədə Azərbaycan təcrübəsindən yararlanmağı təklif edirlər. Belə ki, atılan addımlar özünü doğrultdu, Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın maliyyə proqnozları düz çıxdı, dünyada çalxalanmaların getdiyi dövrdə bu siyasət bizə stabillik gətirdi.
Ehtiyatlılıq, praqmatizm, dünyada gedən proseslərlə həmahəng olmaq prinsipi özünü 2015-ci ilin dövlət büdcəsində də göstərir. Bu barədə həmkarlarım və hökumət nümayəndələri dünən, bu gün ətraflı məlumat veriblər. Düzdür, bəzi sahələr üzrə artım az da olsa, başa düşmək lazımdır ki, hazırda ölkədə böyük infrastruktur layihələri həyata keçirilir. İnanıram ki, gələn il bu işlər bitdikdən sonra sosial sahəyə daha çox diqqət ayrılacaq.
Mən büdcənin bəzi istiqamətləri üzrə gəlirləri və xərcləri daha yüksək görmək istərdim. Məsələn, təhsil sahəsində xərclər 2014-cü illə müqayisədə cəmi 3,5 faiz, səhiyyə sahəsində 7,2 faiz çox proqnozlaşdırılır. Arzu edərdim ki, bu məbləğ daha yüksək olsun və müəllimlərin, həkimlərin maaşlarının artımında öz əksini tapsın.
Bütün bunlarla yanaşı, bir neçə təklifimi qeyd etməliyəm. Hazırda Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm islahatlar keçirilir. O cümlədən bütün məktəblərin müasir elektron texnologiyalara yiyələnməsi və tam kompüterləşdirilməsi, ali məktəblərdə yeni təhsil standartlarının təsdiq olunması və sair. Bununla belə, texniki peşə məktəblərinin vəziyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunmur. Halbuki bu təhsil növü indiki şəraitdə bizə daha çox gərəkdir. Təklif edərdim ki, texniki peşə məktəblərinin inkişafına, onların maddi-texniki bazalarının yaxşılaşdırılmasına, yeni peşə dərslərinin tədris olunmasına dair qısa bir zamanda geniş proqram hazır-lansın və bu proqramın həyata keçirilməsi üçün büdcədən lazımi vəsait ayrılsın.
Qeyd etmək istədiyim digər məsələ səhiyyə ilə bağlıdır. Əvvəla, səhiyyə sistemini tənqid edənlərlə qəti razı deyiləm. Çünki bu sahədə çox böyük işlər görülür. Sizə bircə misal gətirim. Bir zamanlar kəskin miopiya xəstəliyinin müalicəsi üçün yalnız xaricdə həyata keçirilən eksimer lazer korreksiyası, həmçinin katarakta və qlaukomanın cərrahi yolla müalicəsi kimi əməliyyatlar hazırda rayonumuzda, Masallıda aparılır.
Mənim Səhiyyə Nazirliyindən bir xahişim var. Bir çox kənd xəstəxana və feldşer-mama məntəqələrində tibbi kadrlar kəskin çatışmır. Buna görə təklif edərdim ki, Tibb Universitetini yeni bitirən cavan kadrlar təyinat üzrə kənd yerlərinə göndərilsin və heç olmasa, iki-üç il yerlərdə təcrübə keçsinlər. Bununla yanaşı, onların rayonda işləmək marağını artırmaq üçün maaş daha yüksək olmalı, onlara digər müvafiq imtiyazlar verilməlidir. Həmçinin qeyd edim ki, kənd yerlərində feldşer-mama məntəqələri ya ümumiyyətlə yoxdur, ya da yerləşdikləri binalar bərbad vəziyyət-dədir. Xahiş edərdim ki, bu problemin həllinin büdcədə nəzərdə tutulmasına diqqət ayrılsın.
Qeyd etmək istədiyim digər məsələ ekologiya və ətraf mühitin vəziyyəti ilə bağlıdır. Hörmətli Şahin müəllimin nəzərinə çatdırmaq istərdim ki, bu işdə böyük irəliləyişlər var. Məsələn, ayrı-ayrı dövlət orqanları tərəfindən iməciliklər təşkil edilir, minlərlə ağac əkilir. Bu yaxınlarda, xüsusilə Xəzər Rayon İcra Hakimiyyətinin bu sahədə gördüyü işləri mən çox yüksək qiymətləndirirəm.
Bu sahədə həmçinin “Təmiz şəhər” ASC yaradılaraq Ba-laxanıda böyük həcmli zavod istifadəyə verilib. Amma Bakı və ətraf kəndlər zibilləri Balaxanıya daşımağa meyilli deyillər. Buna görə də Bakı və Bakıətrafı kəndlərin bir çox yerində qeyri-qanuni zibilxanalar əmələ gəlməkdədir. Təbii ki, bu, ciddi narazılığa səbəb olur. Bunun səbəbini araşdıranda məlum oldu ki, Balaxanı zibil zavodu tərəfindən zibilin hər kubuna görə 1 manat 20 qəpik tələb olunur. Hər gün xeyli sayda zibil yığan icra hakimiyyətlərinin və bələdiyyələrin isə bu pulu verməyə maliyyə imkanları çatmır. Ona görə mən həm İqtisadiyyat və Sənaye Nazirliyindən, həm də “Təmiz şəhər” ASC-dən xahiş edərdim ki, bu məbləğin azaldılmasını təmin etsinlər.
Digər təklifim isə ondan ibarətdir ki, ən azından Bakı və ətraf qəsəbələrdə qanunsuz zibilxana probleminin aradan qaldırılmasını vahid orqana, məsələn, həmin “Təmiz şəhər” ASC-yə həvalə etmək olardı. Düşünürəm ki, bu məsələnin idarə olunmasını mərkəzləşdirmək zəruridir. Bunun üçün “Təmiz şəhər” ASC-nin texniki bazası əhəmiyyətli dərəcədə artırılmalı, yeni texnikaların, zibil qutularının alınması üçün “Təmiz şəhər” ASC-yə büdcədən əlavə vəsait ayrılmalıdır.
Bir narahatlığımı da sizlərlə bölüşmək istərdim. Bahar xanım qismən bu barədə danışdı, mən onunla tamamilə razıyam. Mənim nəzərimdə bu da əhalinin müəyyən hissəsində ümumi mədəniyyətin aşağı düşməsi, aqressivliyin isə yüksəlməsi ilə bağlıdır. Bu özünü məişət zorakılığında, erkən və qeyri-qanuni nikahların çoxalmasında, bəzi gənclərin dini ekstremizmə qoşulmasında, pis vərdişlərin baş alıb getməsində büruzə verir. Faktları saatlarla sadalamaq olar.
Buna görə istərdim ki, hörmətli maliyyə nazirimiz, heç olmasa, qəsəbə və böyük kəndlərdə mədəniyyət ocaqlarının tikilməsini sürətləndirsin. Həm də müvafiq nazirlik və komitələr tərəfindən təsirli sosial roliklərin hazırlanması üçün büdcədən vəsait ayrılsın. Bir çox ölkələrdə, elə Türkiyənin özündə narkomaniya, alkoqolizm və siqaretə qarşı əks-təbliğat xarakterli roliklər mütəmadi olaraq bütün kanallarda göstərilir. İnanın ki, bunun faydası çox böyükdür.
Bir də, hörmətli dövlət qurumlarının rəhbərlərindən xahişim odur ki, müvafiq nazirlik və dövlət komitələri öz maarifləndirici, təbliğat xarakterli tədbirlərini Bakı, Gəncə və Sumqayıtda yox, əyalətdə, yerlərdə keçirsinlər və bu tədbirlərə yerli sakinləri cəlb etsinlər, necə ki, bunu uğurla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi edir.
Deputat seçildiyim Masallı rayonunun problemlərinə gəldikdə isə ARDNŞ-nin rəhbərliyindən çox xahiş edərdim ki, çoxdandır planda nəzərdə tutulan, amma nədənsə təxirə salınan Hüseynhacılı–Təzəkənd arası təxminən 10–15 kəndin qazlaşdırma prosesi həyata keçirilsin. Çünki Masallının başqa yerlərində qazlaşdırma, demək olar ki, yekunlaşdığı üçün adıçəkilən kəndlərin sakinləri narazılıqlarını bildirirlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan Respubli-kasının 2015-ci il üçün dövlət büdcəsi layihəsi ölkəmizin sürətli inkişafını və tərəqqisini aydın şəkildə ifadə edir. Bu dəfə də layihədən görünür ki, gələn il üçün dövlət büdcəsi sosial və investisiya yönümlüdür. Gəlirlərin təxminən 25 milyard, xərclərin 27 milyard olduğu büdcə layihəsi həm də ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi baxımından aydın mənzərə yaradır. Dövlət büdcəsində yaşayış meyarının 50 faizədək artırılması bu istiqamətdə dinamikanı aydın əks etdirir.
Bundan başqa, səhiyyə və təhsil sektorunda da ayrılan vəsaitin ilbəil artması müşahidə olunur. 2010-cu illə müqayisədə görürük ki, bu illər ərzində hər iki sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği iki dəfə artmışdır. Bir sözlə, dünya miqyasında baş vermiş maliyyə və iqtisadi böhran nəticəsində iqtisadiyyatı, maliyyə sistemi zərər görmüş dünya ölkələrinin mövcud vəziyyəti fonunda Azərbaycanın inkişafının davamlı olması çox sevindiricidir. Biz dövlət büdcəsinin müzakirəsini komitələrlə birlikdə müzakirə etmişik və çox gözəl də müzakirə aparmışıq.
Sadəcə, mənim burada bir neçə təklifim var. Təhsillə əlaqədar qeyd etmək istəyirəm ki, – çox gözəl vurğuladı Elmira xanım, – bizdə peşə təhsilinin yüksəldilməsinə böyük ehtiyac var. Bu gün gənclər 10–11 il məktəbdə oxuyurlar. Sonra oğlanlar hərbi xidmətə gedir və qayıdandan sonra heç bir peşəsi, sənəti olmadan iş axtarmağa başlayır, bizə müraciət edirlər. Biz onların heç birini işlə təmin edə bilmirik. Çünki onların heç bir peşəsi yoxdur. Ona görə fikirləşirəm ki, bunları 11 il oxutmaq bəlkə heç məsləhət deyil. Mütəxəssislər bir bu barədə düşünsünlər.
8–9-cu siniflərdən kimlərin artıq ali məktəbə qəbul olun-maq gücünə malik olduğu görünür. O biri uşaqları isə mək-təbdə peşəyə yönləndirmək, sənətləri onlara sevdirmək lazımdır. Çünki artıq 20–22 yaşında insana elektrik, çilingər, qaynaqçı və sair bu kimi peşələri öyrətmək çox çətin olur. Bunu məktəbdən başlamaq lazımdır. Məktəb illərində bunları öyrətmək daha asan olar, nəinki məktəbi bitirib hərbi xidmətdən qayıdandan sonra.
Bu yaxınlarda əmək yarmarkası təşkil etmişdik, bir nəfər qaynaqçı tapa bilmədik ki, 800 manat maaşla gedib işləsin. Elə bir mütəxəssis tapa bilmədik. Bu gün bizdə, məsələn, turizmin inkişafı ilə əlaqədar, turizm sektoru üzrə, eləcə də digər sahələr üzrə mütəxəssislərə böyük ehtiyac var. Ona görə də bizdə peşə təhsilinin səviyyəsi ciddi surətdə yüksəldilməlidir.
Digər tərəfdən, uşaqlarımızın asudə vaxtının təşkilinə artıq fikir vermək zamanı gəlib çatıb. Yay tətilində uşaqlarımızın nə ilə məşğul olduğu, harada olduğu barədə, demək olar ki, bizim məlumatımız olmur. İndi imkanlı valideynlər yay tətilində övladlarını hara isə göndərirlər. Amma maddi vəziyyəti zəif olan ailələrin uşaqları harada qalır, kimlərin təsiri altına düşürlər? Bu haqda düşünməyin zamanı gəlib çatıb. Mən hesab edirəm ki, məktəb düşərgələrinin təşkil edilməsi üçün elə də böyük bir vəsait lazım deyil. Hörmətli Maliyyə Nazirliyinin rəhbərliyi bu haqda düşünsə, çox yaxşı olar. Mən çox xahiş edərdim ki, bizə kömək etsinlər. Uşaqlarımızın təlim-tərbiyəsi çox vacib məsələdir.
Səhiyyə sahəsinə gəldikdə, hörmətli həmkarımız çox gözəl qeyd etdi ki, burada böyük irəliləyişlər var. Artıq bəzi əməliyyatlar səyyar şəkildə həyata keçirilir, insanların dava-dərman təchizatına çox böyük vəsait ayrılır. Lakin bir şeyi qeyd etmək istərdim. Xəstələrin qida rasionunun təşkil olunması barədə Nazirlər Kabinetinin 1994-cü il tarixli bir qərarı var. Məncə, artıq o qərara baxmağın vaxtı gəlib çatıb. Çünki 130 qram ət norması ilə vərəmli xəstə müalicə oluna bilməz. Vərəmli xəstə başqa cür qidalanır. Xəstələrin qida rasionları bir-birindən fərqlənməlidir. Şəkərli xəstə bir cür, ürək xəstəsi başqa cür qida kalorisi almalıdır. Mən hesab edirəm, bunu etmək mümkündür. Buna vəsait də lazım deyil, sadəcə, o qərarı dəyişmək lazımdır.
Digər tərəfdən, hesab edirəm ki, həbs yerlərində saxlanılan xəstə insanlar üçün xüsusiləşdirilmiş həbs düşərgəsi ol-malıdır ki, hepatit C, QİÇS, vərəm kimi infeksion xəstəlik-ləri olan dustaqları bir müəssisəyə cəlb edib onların orada həm müalicəsini, həm də cəza çəkməsini təmin etmək mümkün olsun. Bunu etmək üçün də böyük bir vəsait tələb olunmur. Ancaq çox insanı, əlbəttə, ən əvvəl onlarla birgə cəza çəkən və onlara xidmət edən insanları infeksion xəstəliklərə yoluxmaqdan qorumuş olardıq.
Bir məsələni də qeyd etmək istəyərdim. Bu gün həkim-lərin, müəllimlərin əmək haqqının artırılmasından danışılır. Amma burada da rəqabət prinsipini mütləq nəzərə almaq lazımdır. Nə dərəcədə ədalətli olar ki, bu gün institutu yeni-cə qurtarıb gələn müəllim və ya həkimlə uzun illər işləyən müəllim və ya həkimin əmək haqqı eyni olsun? Hesab edirəm, burada istər müəllimlər, istərsə də həkimlər üçün mütləq attestasiya keçirilməlidir.
Bu gün istər təhsil, istərsə də səhiyyə sahəsində sertifikatlaşdırma çox gözəl aparılır. Bu çox böyük bir canlanma yaradıbdır. Hər bir insan öz üzərində işləməli, çalışmalı, oxumalı, öyrənməli və öz biliyini artırmalıdır. Əgər attestasiya olmasaydı, biz bu işin nəticəsini görə bilməzdik. Əmək haqqının artırılması da attestasiyanın nəticəsi ilə bağlı olmalıdır. Məsələn, deyək ki, bir insan 5 il müddətində həkim işləyib, xəstələri müalicə edibdir. Bu həkim 5 il müddətində elədiyi işlər haqqında hesabat hazırlasın və öncə onun bilik səviyyəsi yoxlanılsın. Nəticədə həkimlər kateqoriyalara bölünər, birinin məvacibi o birininkindən fərqlənər və bu da onlar arasında sağlam rəqabət yaradar. Eyni prinsipi müəllimlər arasında da tətbiq etmək olar. Məsələn, müəllimin dərs dediyi uşaqların ali məktəblərə qəbul səviyyəsi, eyni zamanda, onların mənim-səmə vəziyyəti və sair nəzərə alına və bu göstəricilərə görə ona maaş təyin oluna bilər. Yoxsa dövlətin pulu xəzəl deyil ki, hamı eyni qədər yüksək maaş alsın. Mən özüm həkiməm, 38 ildir işləyirəm, amma yenə də hamıya eyni qədər maaş verilməsinin tərəfdarı deyiləm. Çünki maaşın işə görə verilməsi hər bir insanın öz üzərində işləməsinə stimul yaradar və böyük irəliləyişə səbəb olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev buyursun.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2015-ci ilin döv-lət büdcəsi zərfi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə tam uyğun hazırlanıb, elmi proqnozlaşdırmaya, dərin təhlilə, ölkənin və dünyanın gerçəkliklərinə söykənən real bir büdcə layihəsidir. Bu təkmil sənədin hazırlanmasında zəhməti olan hər kəsə, xüsusilə Maliyyə Nazirliyinin mütəxəssislərinə təşəkkürümü bildirirəm.
Azərbaycan bu son dərəcə narahat dünyanın tərkib hissəsidir və dünyadakı iqtisadi, siyasi, sosial proseslər, şübhəsiz ki, Azərbaycana da təsir edir. Bizim yerləşdiyimiz regionda baş verən son dərəcə ciddi hadisələr fonunda gələn ilin büdcəsini olduqca real və ciddi bir büdcə kimi qəbul etmək olar.
Burada Azərbaycanın uğurlarından danışıldı. Bu həm hökumət üzvlərinin, həm də millət vəkillərinin çıxışlarında səsləndi. Mən onları təkrar etməyəcəyəm. Lakin bir faktı söyləmək istəyirəm. Hazırda dünyada gündəlik gəliri 2 dol-lardan aşağı olan, yəni mütləq yoxsulluq həddində yaşayan iki milyard yarım insan vardır. Yəni dünya əhalisinin 25 faizi yoxsulluq həddində yaşayır. Azərbaycanda 2010-cu ildə belə insanların sayı iki milyon yüz min nəfər idi. Bu gün Azərbaycanda bir nəfər də olsun belə insan yoxdur. Biz bu gün artıq mütləq yoxsulluqdan yox, nisbi yoxsulluğun yeni kateqoriyalarına keçməkdən danışırıq. Müstəqilliyimizi əldə etdikdən sonra ötən qısa müddət ərzində, – onun da ilk on ili dövlət quruculuğuna sərf olunubdur, – yəni cəmi 11 il ərzində bu qədər uğurlar əldə etmişiksə, biz bu uğurlara görə, şübhəsiz ki, ümummilli liderin uzaqgörən strategiyasına, cənab Prezidentin yorulmaz zəhmətinə və onun komandasının səmərəli fəaliyyətinə borcluyuq.
Builki büdcəni mən investisiya tutumlu, sosial yönümlü pozitiv büdcə hesab edirəm. Çünki bu büdcənin 28 faizi sosial xərclərə yönəlibdir. Bu isə imkan verəcək ki, gələn il Azərbaycan vətəndaşının yaşayış minimumu artsın, əmək haqqı yüksəlsin, pensiyaları və müavinətləri artsın. Bizim gələnilki büdcəmiz imkan verəcək ki, yeni-yeni uşaq bağçaları və məktəblər, səhiyyə müəssisələri, mədəniyyət obyektləri tikilsin və Azərbaycan insanı daha yüksək sosial rifah halında yaşasın. Gələn ilin dövlət büdcəsi bizə imkan verəcək ki, sosial ipotekanın imkanları daha da genişlənsin və ehtiyacı olan vətəndaşlarımız bu ipoteka şərtlərinin yüngülləşdirilməsi daxilində daha geniş imkanlar əldə etsinlər. Gələn ilin dövlət büdcəsi bizə imkan verəcək ki, aqrar sektorun maliyyələşdirilməsi daha 6 faiz artırılsın və Azərbaycan iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan, qeyri-neft sektorunun ən aparıcı hissəsi olan kənd təsərrüfatının modernləşdirilməsi üçün dövlətimiz və hökumətimiz yeni imkanlar əldə etsin. Nəhayət, gələn ilin dövlət büdcəsi imkan verəcək ki, ordumuzun hərbi qüdrəti daha da artsın, maddi-texniki bazası daha da gücləndirilsin.
Bunlarla yanaşı, digər millət vəkilləri kimi mən də bəzi təkliflərimi söyləmək istəyirəm. Burada sosial evlərin tikilməsi barədə fikirlər çox səsləndi. Təklif olundu ki, dövlət büdcəsi hesabına sosial evlər tikilsin və ehtiyacı olan insanlara ipoteka şərtləri daxilində verilsin. Azərbaycanda sosial evlər tikilir və daha çox sosial ehtiyacı olan insanlara verilir. Bunlar tam büdcə vəsaiti hesabına tikilir.
Qaçqın və məcburi köçkünlər üçün indiyə qədər 82 qə-səbə salınıb, 45 min sosial mənzil tikilibdir. Şəhid ailələri, Qarabağ əlilləri və ehtiyacı olan bu kimi digər insanlar üçün dövlət tərəfindən sosial evlər tikilir. Amma bu layihəni daha da genişləndirməkdən ötrü, hesab edirəm ki, büdcəni yükləmək lazım deyil. Dövlət sahibkara şərait yaratmalı, sahibkarla müqavilə bağlamalı, ən üstün şərtlərlə sahibkara imkan verməlidir ki, o, maya dəyərinə başa gələn evlər tikib, uzun illərə vətəndaşa ipoteka krediti şərtləri daxilində versin.
Başqa bir təklifim elektron kənd təsərrüfatı proqramının yaradılması ilə bağlıdır. Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun dörd aparıcı sahəsindən biridir. Mən hesab edirəm ki, Azərbaycan idxal potensialını kənd təsərrüfatı məhsullarının hesabına artırmalı və dünyaya öz brendi ilə çıxmalıdır. Ona görə də kənd təsərrüfatında məhsuldarlığın artırılması, səmərəliliyin yüksəldilməsi, insanın kəndə bağlanması üçün müasir idarəetmə sistemi qurulmalıdır. Bu da, şübhəsiz ki, elektron kənd təsərrüfatı proqramından keçir.
Xaricdə təhsil üzrə dövlət proqramı qəbul olunub. Mənim bildiyimə görə, o proqram 2015-ci ildə bitir. Çox arzu edərdim ki, o proqramın davamı olsun və Azərbaycanın qabiliyyətli uşaqlarının dövlət vəsaiti hesabına xaricdə oxuması üçün gələn il də büdcədən bu sahəyə lazımi vəsait ayrılsın. Mən, eyni zamanda, xaricdə oxuyub gələn tələbələrin dövlət qulluğuna müsabiqəsiz qəbul olunmasını təklif edirəm. Çünki praktika göstərir ki, xaricdə oxuyub gələn gənclərin çoxu artıq dövlət sektoruna maraq göstərmir və daha yüksək maaş verən şirkətlərə, özəl sektora gedir. Mən hesab edirəm ki, dövlət sektorunda bu məsələ nəzərə alınmalıdır.
Qeyri-hökumət təşkilatlarına dəstək məsələsinə dünən də toxunulmuşdu, bu gün də toxunuldu. Mən hesab edirəm ki, bu, təkcə maliyyə və iqtisadi layihə deyil, eyni zamanda, ictimai və siyasi bir layihədir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi ildən-ilə davamlı olaraq artırılaraq o həddə gəlib çatmalıdır ki, Azərbaycan vətəndaş cəmiyyətinin başqa ölkələrin qrantına, başqa şübhəli layihələrə ehtiyacı qalmasın və Azərbaycan dövləti vətəndaş cəmiyyəti olaraq öz layihələrini özü maliyyələşdirsin.
Mənim daha bir təklifim ezamiyyə xərcləri ilə bağlıdır. 2011-ci ildə ölkə daxilində ezamiyyə xərcləri dəyişdirildi və artırıldı. Amma Bakı ilə rayonlar arasında xeyli ciddi bir rəqəm fərqi var. Halbuki Azərbaycanın artıq əksər rayonla-rında həyat şəraiti Bakıdakı kimidir və bu gün mən inanmı-ram, Azərbaycanın hansısa bölgəsində elə bir otel tapasan ki, orada bir nəfərin bir gün qalma qiyməti 30 manatdan aşağı olsun. Ona görə ezamiyyə xərclərində bu məsələnin nəzərə alınması yaxşı olardı.
Eyni zamanda, xaricə ezamiyyətə gedən insanlarımızın – siyasilərin, hökumət üzvlərinin, məmurların və digər kateqoriyalardan olan vətəndaşlarımızın icbari sığortaya cəlb olunması məsələsi də həll edilməlidir. Bu məsələni mən bir dəfə Milli Məclisdə qaldırmışam. Hesab edirəm ki, hökumət də bu məsələni diqqətdə saxlamalıdır. Xaricə turist səfərinə gedən insan icbari tibbi sığorta olunur, amma xaricə dövlət işi dalıyca gedən insanın icbari sığortası olmadığına görə orada müəyyən problemlər yarananda özü problemi ilə baş-başa qalır.
Nəhayət, təmsil olunduğum Gəncə şəhəri ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Son illər Gəncədə çox böyük quruculuq, abadlıq işləri gedir. Cənab Prezidentin, hökumətimizin ayrı-ayrı strukturlarının Gəncəyə göstərdikləri diqqət və qayğı üçün minnətdarlığımı bildirirəm. Amma düşünürəm, Gəncənin sosial-iqtisadi inkişaf proqramı qəbul edilməlidir ki, bu şəhərin iki rayonu, beş qəsəbəsi və ətrafı öz sosial-iqtisadi inkişafını tapsın.
Büdcənin gəlir hissəsi ilə bağlı bir təklifim vardır. Gəlir hissəsində imkanları artırmaqdan ötrü tütün və tütün məmulatlarına tətbiq olunan aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumlarının artırılmasını təklif edirəm. Azərbaycan tütün məmulatlarının ən ucuz satıldığı və təəssüf ki, artıq ən çox istifadə olunduğu ölkələrdən biridir. Düzdür, indi bizdə siqaretçəkmə ilə bağlı qanun layihəsi ləngiyir, amma bundan asılı olmayaraq fikir vermək lazımdır ki, Azərbaycanda siqaret məhsulları niyə bu qədər ucuz satılır. Bu vergi və rüsumların artırılmasının ikitərəfli xeyri var. Bunun həm büdcəmizə xeyri olacaq, həm də vətəndaşların tütün məmulatlarına əlçatanlığı azaldılacaqdır.
Bütövlükdə büdcəmizi xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edən uğurlu büdcə hesab edirəm və ona səs verəcəyəm. Büdcənin icrasında hökumətimizə uğurlar arzulayıram. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov. Valeh müəllim, buyurun. Hazırlaşsın Sahib Alıyev.
V.Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Birincisi, yadınıza salım ki, Azərbaycan birinci mənfəət neftini 1999-cu il noyabrın 19-da əldə etmiş və ölkəmizin 1 milyon barrel mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılmışdı. Bunu nəyə görə yadınıza salıram? Dövlət Neft Fondu yaradılanda, – bu gün Dövlət Neft Fondundan transferlərdən bu cür həyəcanla danışanların, bəzən tənqid edənlərin, yəqin, ya xəbərləri yoxdur, ya da unudublar, bəziləri isə bilərəkdən unudublar, – 3–4 nəfərdən başqa hamı təklif edirdi ki, bu gəlirlər Dövlət Neft Fonduna deyil, dövlət büdcəsinə gəlsin, artıq qalan vəsait fonda yığıla bilər. Müxalifət, təbii ki, bunu deyirdi, o cümlədən hökumətin tərkibində olan nazirlər, böyük vəzifəli insanlar da bunu deyirdilər. Çox böyük, çox gərgin müzakirələr gedirdi.
İndi təsəvvür edin, o zaman ölkənin Prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, o gəlirlər birinci gündən bu tərəfə büdcəyə daxil olsaydı, sizin fikrinizcə, Dövlət Neft Fondunda indi bu qədər pul olardımı? Mən əminəm ki, yox. Pulu nəyə görə yığdıq? Xərcləmək üçün. O pulu haqlı olaraq birinci növbədə infrastrukturla bağlı layihələrə xərclədik. Bu gün TANAP və TAP layihələrinə, Bakı–Tiflis–Ərzurum layihəsinin genişlənməsinə, Şahdəniz layihəsinə biz pul xərcləməsək, gələcəyimiz necə ola bilər? Samur çayının suları, Taxtakörpü su anbarı, üstündəki elektrik stansiyası, kanal... Bu layihələrə bu paralar xərclənməsəydi, o ərazilər hansı gündəydi?
Ona görə də, mənim fikrimcə, bu söhbətləri dayandırmaq lazımdır. Hökumət üzvləri – bu qərarları verən insanlar bu milləti, bu torpağı, bu ölkəni, bu bayrağı heç kimdən az sevmirlər. Əgər bu pullar xərclənirsə, yəqin ki, məqsədyönlü və düzgün istiqamətdə xərclənir. Əlbəttə, biz bu pulların nə qədər səmərəli, nə qədər düzgün xərclənməsindən danışa bilərik. Təbiidir, hər kəsin öz fikri var, ancaq qərar verənlər bir nəfər deyil, iki nəfər deyil, bunlar bu məsələləri ölçüb-biçib qərar verirlər.
İkinci məsələ. Bəlkə də bu məsələyə toxunmağa elə bir ehtiyac yoxdur. Çünki neftin qiyməti və onun dövlət büd-cəsinə təsiri ilə əlaqədar dünən Samir müəllim də, Mərkəzi Bankın rəhbəri cənab Elman Rüstəmov da izahat verdilər. İzah etdilər ki, qiymətlər dəyişə bilər və bununla əlaqədar ən müxtəlif proqnozlar, ssenarilər hazırlanıb. Yəni neftin qiymətinin dəyişməsi Azərbaycan Respublikasının 2015-ci il büdcəsinə o qədər də təsir etməyəcəkdir. Ancaq bəzi çıxışları eşidəndən və bəzi yazıları oxuyandan sonra mən məcbur oldum bu məsələyə toxunum. Komitələrin iclasında qısa şəkildə dedim, indi də qısa şəkildə deyim. Birincisi, bu qiymət dəyişikliklərini hər hansı bir siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə, elə bir siyasətçi yoxdur ki, qloballaşmış dünyada onun qərarı ilə neftin və ya hər hansı bir başqa əmtəənin qiyməti dəyişsin.
İkinci, çox sadəlövh bir fikir eşitdim ki, Amerika Birləşmiş Ştatları neft ixracını artırdığına görə dünya bazarlarında neftin qiyməti düşür. Amerika Birləşmiş Ştatları dünən də, bu gün də, sabah da, hələlik 7, 8, 9 il dünyada neft və neft məhsullarını ixrac edən ən böyük ölkə olaraq qalacaqdır. Düzdür, 2008-ci ildən Amerika Birləşmiş Ştatlarında neft istehsalı 3,4 milyon barrel artıbdır. Böyük bir rəqəmdir. Elə bilin ki, bazara 170–180 milyon ton əlavə neft daxil olub. Bundan başqa, kim gözləyirdi ki, savaş gedən bir ölkədə – Liviyada neft istehsalı kəskin surətdə artacaqdır? Yanvar ayında 100 min barrel neft istehsal olunan bu ölkədə bu gün 800 min barrel neft istehsal olunur. Birdən-birə bazara 700 min barrel çox neft çıxarılıb. Amerika Birləşmiş Ştatları bu il neft isteh-salını 1 milyon barreldən çox artırıbdır. Ancaq əsas səbəb bu deyil. Əsas səbəb valyuta-maliyyə bazarlarında gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz.
Neftin qiyməti ilə əlaqədar narahat olmaq lazım deyil. Yadınıza salım, 2008-ci il iyul ayının 13-də neftin qiyməti 149 dollar 75 sent idi. 2009-cu ildə 39 dollara düşdü. Dünya dağılmadı ki. Düşdü də, qalxdı da. Bir itki olmadı. 1999-da gəldi 10 dollara düşdü. Dünya dağılmadı ki. Yox. Ona görə də bu məsələnin ətrafında spekulyativ söhbətlər aparmaq, siyasət qurmaq düzgün deyil. Hökumətdə olanlar bu məsələlərin hamısını bilir, təhlil edir, proqnozlaşdırır və buna uyğun olaraq hərəkət edirlər. Dövlət Neft Fondu da, Mərkəzi Bankın ehtiyatları da ölkəmizin elə bu cür hallardan sığortalanması üçün yaradılıb. Ona görə də təmkinli olmaq, gələcəyimizə nikbinliklə baxmaq lazımdır.
Bundan başqa daha bir-iki məsələyə toxunmaq istəyirəm. Hər zaman olduğu kimi, yenə də “verin xərcləyək” psixologiyası ilə mən razı deyiləm. Hökumətin təqdimatında göstərilir ki, filan sahəyə filan qədər ayrılıb. Biz təklif edirik ki, bu sahəyə ayrılan pul bir qədər də artırılsın. Hər zaman olduğu kimi sual verirəm, nəticəsi nə olacaqdır? Sənaye olsun, inşaat olsun, kənd təsərrüfatı olsun, səhiyyə olsun, təhsil olsun, elm olsun –nəticəsi nə olacaqdır? Pulu ona görə xərcləyirik ki, bunun nəticəsi olsun.
Bir dəfə bu gözəl zalda demişəm, elektroinduksiyanı, elektrolizi kəşf edən Maykl Faradey adlı bir alim olubdur. Nə elmlər namizədi idi, nə də akademik idi, adi çilingər olaraq çalışırdı. Bir zaman İngiltərədə London Kral Elmi Cəmiyyətində Qladston ona sual verib ki, nəyin üzərində çalışırsınız? Maykl Faradeyin cavabı nə olub? Büdcəmizin mədaxil mənbələrinin artırılması üçün axtarışlar aparıram. Alimin cavabı!
Biz də büdcəmizi formalaşdıranda, bu pulları istiqamətlər üzrə bölüşdürəndə sual qoymalıyıq ki, nəticəsi nə olacaqdır. Məsələn, kənd təsərrüfatına pul ayırırıqsa, fikirləşməliyik ki, bunun müqabilində kənd təsərrüfatının məhsuldarlığı, ixrac potensialı, kənd təsərrüfatı ilə bağlı sənaye məhsullarının həcmi nə qədər artacaq və dövlət büdcəsinə nə gələcəkdir.
Bu günlərdə bizim televiziya kanallarından birində “Reklam haqqında” Qanun müzakirə olunurdu, mən də baxırdım. Söhbət, əsasən, bu istiqamətdə gedirdi ki, filan ildə 200 min idi, indi neçə milyondur, bundan sonra neçə milyon olacaqdır. Ancaq eşitmədim, kimsə desin ki, nəticədə nə olacaq, dövlət büdcəsinə nə qədər para gələcəkdir.
Sığorta məsələsini tez-tez müzakirə edirik. Qanunlar qə-bul etdik. Mən bu yaxınlarda Azər müəllimdən xahiş etdim, məni rəqəmlərlə tanış etsin. Dedim, nəticəsi nədir, Azər müəllim? Nəticəsini verdi. 5 il bundan qabaq dövlət büdcə-sinə mədaxil 5 milyon idi. İndi bu fəaliyyətin nəticəsi olaraq 20 milyonu keçibdir. Deməli, qəbul etdiyimiz, tətbiq etdiyimiz qanunların nəticəsində bu sahə genişlənib, dövlət büdcəsinə mədaxil dörd dəfə artıbdır. Bu, göstəricidir. Bu göstərici yoxdursa, qalan hamısı boş şeydir. Biz bu nöqteyi-nəzərdən yanaşsaq, paramızı daha səmərəli xərcləyə bilərik.
Elm olsun. Dəfələrlə demişəm, elmi işlərin son nəticəsi olaraq hər halda tətbiqi əhəmiyyəti olan bir şey ortaya çıxmalıdır. Bir dəfə qrafeni misal gətirmişdim. Qrafen bir neçə il bundan qabaq icad olunubdur. Bu icada görə Nobel mükafatı verilibdir. Beynəlxalq səviyyədə tanınan 10 minə yaxın patent var. Budur nəticə. Ona görə də hər bir şeyi və ayırdığımız paranı da nəticə ilə ölçməliyik.
Bir-iki kəlmə də energetika sahəsi haqqında danışmaq istəyirəm. Azərbaycan Respublikasında son 10 ildə, demək olar ki, energetika sahəsi tam yenidən qurulub. Bu gün Azərbaycan elektrik enerjisi təminatında heç kimdən asılı deyil. Hətta bu gün ixrac edə bilir və edir də. Bu sahədə böyük elektrik stansiyalarının tikilməsi və yenidən qurulması çox önəmli bir işdir. Ancaq bununla paralel, ola bilsin ki, mahiyyətcə bundan da önəmlisi kiçik su-elektrik stansiyalarının inşası, elektrik enerjisi istehsalının istehlakçıya yaxınlaşdırılması, daha çevik bir sistemin yaradılmasıdır.
Çox qısa bir misal gətirim. Üzr istəyirəm, çox danışdım, ancaq az hallarda danışan adam olduğuma görə, xahiş edirəm, məni dinləyəsiniz. Bu kiçik elektrik stansiyaları bir ildə yüz min tona yaxın neft ekvivalentində yanacağa qənaət etməyə imkan verir. 100 min ton neft ekvivalentini paraya çevirsək, 75–80 milyon dollar eləyir. Bu, az pul deyil. Deməli, son 3 ildə kiçik su-elektrik stansiyaları hesabına 240 milyon dollar para əldə olunub. Böyük paradır – kiçik işdən böyük paralar. Bu həm iqtisadiyyat, həm maliyyə, həm ətraf mühitin qorunması, həm də əkin sahələrinin artırılması deməkdir. Ona görə də bu sahədə dövlətin, hökumətin gördüyü işləri dəstəkləmək lazımdır.
Mən əminəm ki, bu siyasət uğurla davam etdiriləcəkdir. Bu yaxında Şəmkirçayın üzərində inşası bitmiş dəryaça və elektrik stansiyasına görə hökuməti təbrik eləmək lazımdır. Düşünürəm ki, bununla bərabər, başqa çaylarda da bu cür elektrik stansiyalarının, dəryaçaların tikilməsi proqramının həyata keçirilməsi sürətləndirilməlidir. Əlaqədar nazirlərin burada olmasından istifadə edib Samur çayı üzərində bu cür dəryaça və su-elektrik stansiyalarının tikilməsini təklif edərdim. Belə bir təklif, ola bilsin ki, artıq müzakirə olunub və qərar da verilib. Əlbəttə, bu, problemli məsələdir. Amma biz bunu eləsək, həm Rusiya, həm də Azərbaycan üçün Samur çayının sularından daha səmərəli istifadə etmək mümkün olacaqdır.
Bununla bərabər, itkilərdən də iki kəlmə demək istəyirəm. Energetikada böyük işlər görülüb. Ancaq bu gün itkilərimizə baxsaq, burada vəziyyətin heç də ürəkaçan olmadığını görərik. İtkilərimizi bircə faiz azaltsaq, 50–60 min ton xam neftə qənaət etmiş olarıq. Bunu barrelə çevirin, 7,37-yə vurun, 1,75-ə vurun, görün nə qədər para eləyir. Mənə elə gəlir ki, artıq paylayıcı sistemlərə də diqqət yetirməyin vaxtı gəlib çatıb. Bu işi kənddən başlamaq lazımdır. “Azərenerji”nin rəhbəri qoy böyük işlərlə məşğul olsun, amma “Azərenerji”nin tərkibində bir qurum yaradılsın, bu işlərlə məşğul olan məsul bir şəxs təyin edilsin. Paylayıcı sistemlərdə ildən-ilə yığılan problemləri həll etmək vaxtı gəlib çatıb. Çünki biz bunu eləməsək, yüz milyonlarla dollar havaya buraxılmış olacaq. Bu isə qəbuledilməzdir. Bu təklif təzə deyil, hamımız bilirik, eşidirik. Əminəm ki, bu sahədə müəyyən işlər görəcəyik.
Üzr istəyirəm, çox danışdım. Hamınıza cansağlığı, uzun ömür, millətimizə, hökumətimizə, özümüzə uğurlar arzula-yıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, xanımlar və cənablar! Bizim bu gün müzakirəsini etdiyimiz büdcə, sadəcə, gələn ilin gəlir və çıxarlarını özündə əks etdirən bir sənəd deyil, obrazlı desək, dövlətin vətəndaşlar və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yer aldığı maliyyə konstitusiyasıdır. Deməli, burada təkmilləşdirmə ilə yanaşı, dayanıqlılıq, ənənəlilik olmalıdır. Biz bu büdcənin tərtibində məhz bunu görürük.
Ənənəlikdən söhbət düşmüşkən siyasətşünaslıqda belə bir anlayış var – ənənəsi olan dövlət. Kimin necə yanaşmasından asılı olmayaraq ənənəsi olan dövlətə həmişə rəğbət hissi olur. Hətta gizlində olsa belə, düşmən olsa belə, rəğbət hissi bəslənir, çünki belə bir dövlət heç zaman, məsələn, Ermənistan kimi 3 il Avropa Birliyi ilə danışıqlar aparıb, birdən-birə mövqeyini dəyişərək başqa bir inteqrasiya modelində yer almır. Çox sevindirici haldır ki, uzun illər müstəmləkə altında yaşamamıza, dövlətimizin çox gənc olmasına baxmayaraq, artıq ənənəsi olan oturuşmuş bir dövlət imici formalaşdırmışıq və bu, büdcənin tərtibində də özünü göstərməkdədir.
Dünən burada hökumət üzvlərinin çıxışlarında Azərbay-canın dünya dövlətləri arasında müxtəlif konfiqurasiyalar baxımından tutduğu yerlərdən, məsələn, yoxsulluq səviyyəsinin nisbətən aşağı olduğu 25 dövlətdən birinə çevrilməyimizdən, rəqabət qabiliyyətliliyi baxımından MDB-də birinci və dünyada 38-ci pillədə qərarlaşdığımızdan, dünyanın 70 güclü iqtisadiyyatından biri olduğumuzdan danışıldı. Amma məncə, dövlətlərin öz öhdəliklərinə necə əməl etmələri üzrə reytinq cədvəli tərtib olunsaydı və burada ədalətlilik prinsipi gözlənilsəydi, heç şübhəsiz ki, Azərbaycan ilk beşlikdə yer alan dövlətlərdən biri olacaqdı. Neçə illərdir, biz dövlətimizin həm beynəlxalq, həm də öz vətəndaşları qarşısında götürdüyü öhdəlikləri necə sədaqətlə və mən deyərdim ki, ləyaqətlə yerinə yetirdiyini görürük.
Mən vaxtınızı alıb rəqəmlərin üzərində dayanmayacağam, onsuz da onlar hər kəsə bəllidir. Sadəcə, diqqəti bir məsələyə çəkmək istəyirəm. Beynəlxalq konyunkturaya görə qarşıdan dəyişkənliyin və hətta xaosun baş verəcəyi bir ilin gəlməsinə baxmayaraq, bizim büdcəmiz yenə də həmin ənənəyə uyğun olaraq özündən əvvəlki ildən daha böyük bir büdcədir və əsas budur ki, bir çox ölkələrdə sosial ayırmalar kəsildiyi halda bizdə yenə də artım var. Bu çox alqışlanası bir haldır.
Diqqətçəkən ən böyük məqamsa, – Bahar xanım da vur-ğuladı, – bu çətin ildə müdafiə xərclərinə bizim 800 milyon manatdan artıq vəsait ayırmamızdır. Təbii ki, təhlükəsizlik məsələsi ölkəmizin ən önəmli məsələsidir. Mən hesab edirəm ki, burada bir geosiyasi məqam da var. Azərbaycan dövləti bu ayırma ilə bir daha göstərir ki, kimlərin nə deməsindən və bizi nəyə çağırmasından asılı olmayaraq öz torpaqlarının erməni işğalı altında qalması ilə barışmayacaq. Bütün bunları nəzərə alaraq mən böyük məmnuniyyətlə büdcəyə səs verəcəyəm.
Amma bəzi qeydlərim də var. Mən burada kənd rayonu Tərtəri təmsil edirəm. Bildiyiniz kimi, Tərtər həm də cəbhə bölgəsidir. Cənab Prezidentin qayğısı ilə bizim də rayonun siması son illərdə, demək olar ki, əhəmiyyətli dərəcədə dəyişib. Yeni, gözəl yollar çəkilib. Özü də onlar strateji əhəmiyyət daşıyan yollardır, çünki yenə deyirəm, söhbət cəbhə bölgəsindən gedir.
Ən bərəkətli torpaqlardan biri Tərtərdə olsa da, işğalçı-ların Sərsəng su anbarını nəzarətdə saxlamaları səbəbindən burada kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmur. Düzdür, 500-ə yaxın artezian quyusu qazılıb, amma onların bir çoxunda su artıq quruyub. Ümumiyyətlə, keçən illərin təcrübəsi göstərir ki, alternativ yollar olmasa, bu problem yenə də qalacaq.
Tərtərdə qazlaşdırmanın səviyyəsi aşağıdır, 33 faizi keç-mir. Rayonda məktəblərin təmirinə böyük ehtiyac var. Bir məsələni də diqqətə çatdırım ki, Qarabağ savaşı zamanı orada zərər görən 1800-ə yaxın evin təmiri məsələsi də hələlik problem olaraq qalır.
Fürsətdən istifadə edərək daha bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Çox gözəl haldır ki, tibbi sığortanın reallaşmasının hələ mümkün olmadığı bu dönəmdə dövlət öz vətəndaşını öz dərdi ilə baş-başa qoymur. Səhiyyə ilə bağlı müxtəlif proqramlar üzrə ayırmalar həyata keçirilir. Biz qanunvericilikdə bir neçə sahəyə ayırmalarla bağlı düzəlişlər etmişik. Bu, əlbəttə, sevindirici haldır.
Amma həm mənim, həm də həmkarlarımın rastlaşdığı bir məqam var ki, biz öz seçicilərimizin onunla bağlı istəklərinə heç cür əməl etmək gücündə deyilik. Bu da qara ciyər, böyrək köçürmələri ilə bağlı məsələlərdir. Düzdür, sağ olsunlar, Heydər Əliyev Fondu bu yöndə əlindən gələni edir, amma bu yolla bütün xəstələrin ehtiyacını ödəmək mümkün deyil.
Təbii ki, bu cür təkliflər irəli sürüləndə onun necə maliyyələşdiriləcəyi məsələsi ortaya çıxır. Amma bir halda ki cənab Prezidentin iki il bundan əvvəl verdiyi tapşırığa uyğun olaraq bizdə büdcə artıq proqramlar üzrə tərtib olunur, demək, sərbəst maliyyə mənbələri də tapmaq mümkündür. Hansı sahəyə ki ayırmalar özünü doğrultmur, həmin sahədən vəsait ayırıb transplantalogiyaya yönəltmək olar.
Mən həkim deyiləm. Təbii ki, burada həkim olanlar gözəl bilirlər ki, bu sahənin inkişafı tibbin digər sahələrinin inkişafı üçün də geniş perspektivlər açır. Məndəki hesablamalara görə, belə xəstələrin sayı çox deyil, il ərzində 400-ü keçmir. Amma burada söhbət, həqiqətən, ölümlə həyat arasında çarpışan adamlardan gedir. Bu adamların, həqiqətən, orqan köçürmələrinə böyük ehtiyacı var.
Mənim dediklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm. Bizə təqdim edilən 2015-ci ilin dövlət büdcəsini diqqətlə nəzərdən keçirdikdə onun büdcə qaydalarına uyğun çox düzgün qurulduğunu və Azərbaycanın bu gün və sabahkı milli maraqlarına, qarşıda duran problemlərin həllinə xidmət etdiyini görürük.
Büdcənin düzgün formalaşdırılması və ölkə maliyyəsinin sağlam vəziyyətdə saxlanması üçün görülən işlər o qədər də asan deyil. Dünya hələ də iqtisadi böhrandan çıxmadığı bir halda Azərbaycanın öz milli valyutasının dayanıqlığını saxlaması, iqtisadi artımda nailiyyətlər əldə etməsi göz qabağındadır. Bunu ancaq neft amili ilə bağlamaq düzgün olmazdı. Azərbaycandan da çox neft istehsal edən, start vəziyyəti Azərbaycandan da öndə olan ölkələr var ki, indi bir çox göstəricilərə görə Azərbaycandan arxada dururlar. Hesab edirəm ki, bu, Azərbaycanda büdcə siyasətinin, ümumən, iqtisadi siyasətin və o cümlədən regionların sosial-iqtisadi inkişafı siyasətinin düzgün aparılması ilə bağlıdır.
Mən qeyd edim ki, büdcə öz üzərinə düşən iki vəzifəni çox uğurla yerinə yetirir. Birincisi, ölkənin cari məsələlərinin həlli və onların dayanıqlılığının təmin edilməsi, ikincisi isə dövlət və cəmiyyət qarşısında duran iri problemlərin zaman-zaman həll edilməsi.
Vaxt var idi, büdcə müzakirələrində çıxış edən hər bir deputat elektrik enerjisinin çatışmaması barədə problem qaldırır, bu məsələnin həllini tələb edirdi. Artıq neçə illərdir ki, Azərbaycanda elektroenergetika sahəsində aparılan islahatlar, görülən işlər bu problemi gündəmdən çıxarıb.
Vaxt var idi ki, bu parlamentdə magistral yolların bərbad halda olması, onların yol qəzalarına gətirib çıxarması haqda sözlər eşidilirdi. Bu gün bütün magistral yollarımız müasir standartlar səviyyəsində təmir edilmiş, yeniləri salınmışdır. Dövlət artıq kənd yollarının təmir edilməsi və abadlaşdırılması vəzifəsini qarşıya qoyur.
Vaxt var idi ki, bizim səhiyyə ocaqlarımızın geridə qal-ması, həkim peşəkarlığının aşağı olması barədə məsələ qal-dırılırdı. İndi hər il dövlət başçısının şəxsi qayğısı nəticəsində görülən işlər Bakıda və əyalətlərdə səhiyyə ocaqlarının təmir edilməsinə, müasir avadanlıqlarla təchiz edilməsinə, yeni özəl səhiyyə ocaqlarının açılmasına gətirib çıxarır. Bunun nəticəsidir ki, artıq Azərbaycan səhiyyəsi öz nüfuzunu qaldırmaqdadır. Ümumən götürdükdə, bu, dövlət rəhbərinin, Prezident cənab İlham Əliyevin liderlik xüsusiyyətlərindən, Azərbaycanın qarşısında duran problemləri dəqiq müəyyənləşdirib, həllini təklif etməsindən irəli gəlir.
Mən Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi gələn il hərbi sahəyə büdcə vəsaitinin artırılmasını çox düzgün bir qərar hesab edirəm. Cəbhədəki son hadisələr göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinə diqqətin artırılması, yeni texnikanın alınması, hərbi peşəkarlığın artırılması Azərbaycan ordusuna Ermənistanın istənilən təxribatlarına inamla cavab vermək imkanı yaradır. Noyabrın 12-də cəbhə xəttində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulması və bunun qarşısında Ermənistanın susması Azərbaycan Silahlı Qüvvələrində bu gün döyüş hazırlığının yüksək olduğunu və bundan sonra da Azərbaycanın hərbi gücünün Dağlıq Qarabağ probleminin həllində vacib rol oynayacağı qənaətinə gətirib çıxarır.
Çox sevindiricidir ki, büdcə sosial yönümlüdür. Çox sevindiricidir ki, gələn il bütün sosial sahələrə ayırmalar artmışdır və eyni zamanda, özəl sektorun da bu sahəyə marağının artırılması üçün müvafiq işlər görülür.
Seçildiyim Mingəçevir şəhərinin bir-iki problemi haqqında danışmaq istəyirəm. Sənaye və iqtisadi inkişaf nazirinin müavini Sevinc xanım Həsənova gələn il Mingəçevirdə texnoparkın inşası ilə bağlı məni və bütün mingəçevirliləri sevindirən bir xəbər dedi. Mingəçevirin iki böyük problemi var, bir işsizlik, bir də mənzillə təminat məsələsi. Cənab Prezident axırıncı dəfə Mingəçevirdə olarkən bununla bağlı müvafiq tapşırıqlar verdi.
Mən sevinirəm ki, gələn il bu şəhərdə inşa ediləcək texnoparkda 5000 nəfərə qədər insan işləyəcək. Eyni zamanda, digər obyektlərin də inşası nəzərdə tutulub. Gələn il Azərbaycanda keçiriləcək olimpiya oyunlarının bir qismi Mingəçevirdə keçiriləcək. Min nəfərə qədər xarici qonağın gəlməsi gözlənilir. Bununla bağlı otellər hazırlanır, şəhər abadlaşdırılır, infrastruktur yenilənir. Mən istərdim ki, bu məsələ gələcəkdə də hökumətin, İqtisadiyyat və Sənaye Nazirliyinin diqqətində olsun.
Mingəçevir sıradan bir şəhər deyil, ölkənin bir neçə sə-naye şəhərlərindən biridir. Mingəçevirdə yeni sənaye müəssisələrinin yaradılması həm dövlət sektorunda, həm də özəl sektorda onun potensialının qorunub saxlanmasına kömək edə bilərdi.
Mən mənzil məsələsinə toxundum. Bəli, bu bir həqiqətdir ki, Mingəçevirdə və yəqin ki, əyalətlərin müəyyən bir qismində ciddi mənzil problemi var. Bu da ondan irəli gəlir ki, insanların hamısının yeni tikilən mənzilləri almaq imkanı yoxdur. Bundan ən yaxşı çıxış yolu, şübhəsiz ki, ipoteka siyasətinin təkmilləşdirilməsidir. Mərkəzi Bankın sədri hörmətli Elman müəllimin çıxışında bu məsələyə diqqət etməsi, fikirlərini bölüşdürməsi bizi sevindirdi. Ancaq təəssüf ki, dövlət büdcəsində bu məqsəd üçün ayrılan vəsait çox azdır. Gələn ilin büdcəsində ipotekaya 50 milyon manat vəsait ayrılıb. Bu isə o deməkdir ki, gələn il Azərbaycanda cəmisi 1000 ailənin güzəştli ipotekadan istifadə etməsi mümkün olacaqdır. Halbuki təkcə Mingəçevirdə bu gün on minlərlə ailə mənzil sahibi olmaq üçün ipoteka almaq arzusundadır. Mən hesab etmirəm ki, hər il 10–20 milyon artırmaqla bu problem həll edilə bilər.
Mənim deputat həmkarlarım bununla bağlı bir-iki təklif verdilər. Həmin təklifləri dəstəkləyirəm. Mən hesab edirəm ki, xalq evlərinin, sosial evlərin tikintisi ilə bağlı ciddi bir proqram qəbul edilməlidir. Bunun üçün həm dövlətin, həm də özəl sektorun imkanlarından istifadə etmək olar. Sahəsi çox geniş olmayan bu tip mənzillərin tikintisinə maraq artırmaq üçün inşaat şirkətlərini bir müddət vergidən azad etmək olar, necə ki, biz uşaq bağçalarının tikintisini sürətləndirmək üçün onları vergidən azad etdik və bu gün respublikanın hər yerində iş adamları kütləvi surətdə uşaq bağçaları tikirlər. Hesab edirəm ki, problemin kəskinliyini aradan qaldırdıqdan sonra bu tipli evlərə vergiləri yenidən tətbiq etmək olar.
Sonda Bakı ilə bağlı bir neçə məsələni diqqətə çatdırmaq istəyirəm. Düzdür, Bakının özünün 30-a qədər seçilmiş deputatı var və onlar Bakı ilə bağlı vaxtaşırı təkliflərini ve-rirlər. Amma Bakı sıradan bir şəhər deyil. Bu, paytaxtımız-dır, hökumət orqanları, strateji obyektlər burada yerləşir, əhalinin rəsmi surətdə 15–20 faizi burada yaşayır.
Mən hesab edirəm ki, Bakının paytaxt statusu ilə bağlı xüsusi bir qanun qəbul edilməsinə çox böyük ehtiyac var. Bakının inkişafı göz qabağındadır. Cənab Prezidentin apar-dığı siyasət nəticəsində Bakı, doğrudan da, dünyanın gözəl şəhərlərindən birinə çevrilib. Bakı gözəlləşir, infrastrukturu yeniləşir. Amma Bakının mərkəzində hündür yaşayış binalarının tikilməsi şəhər mərkəzini daha da sıxlaşdırır. Hesab edirəm ki, bununla bağlı şəhərin mərkəzində bir qırmızı dairə çəkilməli və həmin dairədə yeni tikililərin və onların mərtəbələrinin sayı göstərilməlidir. Bununla bağlı bizim artıq təcrübəmiz var. Biz İçərişəhəri bu cür qoruyub saxlaya bildik. Bu gün cənab Prezidentin dəstəyi ilə Ağ şəhər layihəsi var. Hesab edirəm ki, Bakıda hündür mərtəbəli binaların harada tikilməsi ilə də bağlı təkliflər ola bilər.
Düşünürəm ki, nəqliyyat tıxaclarının qarşısını almaq üçün avtodayanacaqların tikilməsinə çox böyük ehtiyac var. Burada da iş adamlarını vergidən azad etməklə şəhərin mərkəzində və yaxud sıxlıq olan başqa yerlərində hündür mərtəbəli özəl avtomobil dayanacaqlarının tikintisi məsələsini ortaya qoymaq olar.
Mən büdcədə göstərilən parametrləri bəyənir və onların qəbul edilməsini ölkəmizin qarşısında duran problemlərin həlli üçün vacib hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli hökumət üzvləri, hörmətli media mənsubları, millət vəkilləri, həmkarlarım! Mən də 2015-ci ilin dövlət büdcəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi altında hökumətin həyata keçirdiyi uğurlu siyasət, böyük işlər nəticəsində gələn il də ölkəmizdə bir çox istiqamətlərdə inkişaf davam edəcək.
Burada dəyərli millət vəkili həmkarlarım bir çox təkliflər səsləndirdilər. Mən onların çoxunu dəstəkləyirəm. Bir neçə məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş döyüşçülərin ailələri və Qarabağ müharibəsində əlil olmuş hərbi qulluqçular onlara qanunla ödənilməli olan dövlət icbari sığorta ödənişlərini ala bilmirlər. Halbuki bu barədə məhkəmənin qərarı da var. Həmkarım Fazil Mustafa da bunu vurğulamışdı.
Yuxarı instansiya olan Ali Məhkəmə də qərar çıxarıb ki, bu ödənişlər verilməlidir. Amma iddiaçıların sayı artdığına görə bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müra-ciət olunub və onun plenumunun qərarında da göstərilib ki, bu ailələrə həmin sığorta haqları ödənilməlidir. Amma Konstitusiya Məhkəməsi öz qərarında vurğulayıb ki, bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddət-də müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Müxtəlif instansiyalardan keçən bu ailələr bu gün üzlərini Milli Məclisə tutub bu məsələyə görə bizdən kömək istəyirlər. Çünki bir neçə ailə bu ödənişləri alıb, amma indi qalan ailələr ala bilmirlər.
Cənab Prezidentin rəhbərliyi altında şəhid ailələrinə, müharibə əlillərinə dəstəklə bağlı çoxlu sayda layihə həyata keçirilir, işlər görülür. Amma bu ailələrin qanunla onlara düşən sığorta ödənişlərini əldə edə bilməməsi narazılıq yaradır. Onlar vurğulayırlar ki, necə olur, atəşkəs dövründə şəhid olanların ailələri bu sığortanı alır, müharibə dövründə şəhid olanların ailələri, müharibə əlilləri isə ala bilmirlər. Onlar bu işə baxmış məhkəmələrin qərarlarını əsas gətirirlər. Ona görə bu məsələnin öz həllini tapması çox önəmlidir. Mən parlamentdən və hökumətimizdən xahiş edirəm ki, bu məsələ 2015-ci ildə öz həllini tapsın. İnanıram ki, o öz həllini yaxın zamanda tapacaq.
Mən millət vəkili seçildiyim Tovuz rayonu ilə bağlı bir neçə məsələni burada vurğulamaq istəyirəm. Bu gün ölkə-mizdə təhsilin inkişafı və yeni məktəblərin tikintisi ilə bağlı böyük işlər görülür. Amma ortada bir məsələ var. Kəndlərdə yeni məktəblər tikiləndə və ya uzun illər əvvəl tikilmiş məktəblər bərpa olunanda əsas nəyə baxmaq lazımdır. Birincisi, o kəndlərin əhalisinin sayına baxmaq lazımdır. Yəni baxmaq lazımdır ki, bu məktəb nə qədər əhalini əhatə edir. İkincisi, o məktəbin binasının vəziyyəti nə qədər ağırdır. Üçüncüsü, o məktəbin göstəriciləri necədir, yəni o məktəb nə qədər yaxşı təhsil göstəricilərinə malikdir.
Bununla bağlı, hesab edirəm, ciddi problemlər var. Məsələn, mən hörmətli Baş nazirimizin də yanında olmuşdum. Bu məsələni hörmətli Samir müəllim də, Abid müəllim də bilir. Tovuzun çox böyük kəndləri var. Əhali sayına görə həddindən artıq böyük kəndlərdir. Təhsil göstəricilərinə görə də adları yaxşılar sırasında gedir. Amma onların hərəsinin, sadəcə, bir məktəbi var. O məktəblər də yararsız vəziyyətdədir. Deməli, ya yeniləri tikilməli, ya da olanlar ciddi təmir edilməlidir. Məsələn, Dönük Qırıqlı, Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli, Cilovdarlı kimi böyük kəndlərlə bağlı mən müraciət göndərmişəm. Xahiş edirəm, məktəb tikintisi və ya bərpası layihəsində mütləq o kəndlərdəki məktəblərin nə qədər əhalini əhatə etməsi, yararlılıq vəziyyəti və təhsil göstəriciləri nəzərə alınsın və bu məktəblər önə gəlsin.
Ön cəbhə kəndləri ilə də bağlı fikrimi demək istəyirəm. Hesab edirəm ki, Ermənistanla həmsərhəd olan bizim ön cəbhə kəndlərində böyük işlər görülür. Amma bununla bağlı xüsusi bir proqrama da ehtiyac var. Məktəb tikintisi zamanı da ilk öncə o kəndlərdə vəziyyət nəzərə alınmalıdır. Çünki o insanlar daha ağır vəziyyətdə, çətinliklər altında yaşayır və daha yaxşı, normal məktəblərdə oxumağı haqq edirlər.
Hörmətli səhiyyə nazirimiz buradadır. Mən getdim, onunla görüşdüm. Çox sağ olsun, dediklərimə o da çox müsbət yanaşdı, hətta göstərişlərini də verdi. Mən inanıram ki, bu məsələ öz həllini tapacaq. Biz demirik, ön cəbhə kəndlərində böyük xəstəxanalar tikilsin. Sadəcə, ikiotaqlı olsun, amma normal səviyyədə bir tibb məntəqəsi olsun ki, insanların ehtiyacını ödəyə bilsin. Çünki elə ön cəbhə kəndləri var ki, rayon mərkəzindən 40–50 kilometr uzaqdadır. Orada atəşkəs tez-tez pozulur və tibbi yardıma ehtiyac olur. Orada, heç olmasa, normal səviyyədə kiçik bir tibb məntəqəsi olsaydı, yaxşı olardı. Səhiyyə nazirimiz Oqtay müəllim də buna çox müsbət yanaşmışdı. İnanıram ki, bu məsələ də öz həllini tapacaq.
Bu yay ərzində bizim gördüyümüz ən böyük problemlər-dən biri əkin sahələrinin suvarılması ilə bağlı yaranan vəziyyət oldu. Bilirsiniz ki, kənd rayonlarında əkin sahələrinin suvarılması ən ciddi məsələlərdən biridir. İki ildir, havanın quraqlıq keçməsi, yağışın olmaması səbəbindən su qıtlığının yaranması bir sıra rayonlara, o cümlədən Tovuza çox ciddi şəkildə təsir elədi. Amma Tovuz da daxil olmaqla bu rayonların yanından Kür çayı keçir və o çaydan su mənbəyi kimi istifadə etmək olar. Sovetlər zamanında bəzi nasos stansiyaları vasitəsilə insanlara Kürdən su verilirdi. Biz bilmirik, bəlkə gələn yay da quraqlıq keçəcək. Ona görə də bu insanların əkin sahələrinin suvarılması üçün Kür çayından ən azı o mexanizmlər vasitəsilə su götürülməsi çox müsbət olardı. Biz xahiş edirik, bu məsələyə baxılsın.
Mən bayaq təhsillə bağlı söylədiyim fikirləri mədəniyyət ocaqları ilə də bağlı söyləmək istəyirəm. Mədəniyyət ocaq-larının təmiri, tikintisi ilə bağlı hər yerdə böyük işlər görü-lür. Biz bunu təqdir edirik. Amma bəzi mədəniyyət ocaqları var ki, onlar zamanında təmir edilməzsə, gələcəkdə yenidən tikilməli olacaqdır. Ona görə də o mədəniyyət ocaqları yararsız vəziyyətə düşmədən təmirinə vəsait ayrılsa, gələcəkdə onların yenidən tikintisinə ehtiyac olmaz. Məsələn, Tovuzun ikinci böyük inzibati ərazi vahidi olan Düz Qırıqlı kəndində vaxtilə bizim milli liderimiz Heydər Əliyevin çıxış etdiyi çox böyük mədəniyyət ocağı indi məhv olmaq dərəcəsindədir. Bu gün o, bərpa olunsa, yaxın gələcəkdə o böyük kənddə yeni mədəniyyət ocağı tikməyə heç ehtiyac olmaz. Mən bununla bağlı hökumətə də müraciət eləmişdim.
Gəncədəki Şah Abbas məscidinin beş əsr bundan öncəki tariximizə aid bir tayı da Tovuzdadır. İndi o çox ağır vəziy-yətdə, dağılmaq üzrədir. Xahiş edirik, onun bərpasına da dəstək göstərilsin.
Qazlaşdırma ilə bağlı, təbii ki, böyük işlər görülür. Amma insanlar daha çox nəticələr gözləyirlər. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin rəbhərliyi buradadırsa, onun da burada olmasından istifadə edib bir məsələni söyləmək istəyirəm. Rayonlarda bir istiqamətdə qazlaşdırma apararkən o istiqamətdə, sadəcə, bir kəndi buraxıb başqa bir istiqamətdə qaz çəkmək olmaz. O zaman o kənddə çox ciddi narazılıq olur. Məsələn, mən köhnə Girzan, indiki Hunan kəndi ilə bağlı müraciət etmişəm. Orada yaşayanların çoxu qaçqındır. O istiqamətdə kəndlərin hamısına qaz çəkilir. Bir kənd buraxılır, sonra iş başqa istiqamətdə aparılır. Arzu olunardı ki, bu cür yanlışlıqlara yol verilməsin.
Bir sıra rayonlarda qazlaşdırma işi başa çatıb. Amma To-vuz da daxil olmaqla bəzi rayonlarda hələ də ciddi prob-lemlər var. Mən xahiş edirəm, Tovuzda qazlaşdırma işləri sürətləndirilsin.
İpoteka və sosial evlər layihəsi ilə bağlı burada səsləndi-rilən bütün təklifləri, fikirləri dəstəkləyirəm. Qardaş Türki-yədə TOKİ deyilən bir sistem vasitəsilə bu istiqamətdə problemlər çox ciddi şəkildə öz həllini tapmağa başladı. Bizdə də bu addımların atılmasına ehtiyac var. Çünki məsə-lən, orta məktəb müəllimləri heç sosial ipotekadan da yararlana bilmirlər. Orta məktəb müəllimlərinin çoxunun maaşı sosial ipotekanın da ödənilməsinə çatmır. Ona görə də banklar onlara ipoteka kreditləri verməkdən imtina edirlər. Bunları nəzərə alaraq, mən hesab edirəm ki, ölkəmizdə ipoteka ilə yanaşı, daha güzəştli şərtləri özündə ehtiva edən layihələrə ehtiyac var və dünyada bu istiqamətdə müsbət təcrübələri öyrənərək təcili addımlar atmağa başlasaydıq, çox yaxşı olardı.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, 2015-ci ilin dövlət büdcəsi çox əhatəli təhlil əsa-sında hazırlanıb və qarşıda duran bir neçə ili də əhatə edir. Proqnoz göstəricilər elmi əsaslara söykənir və ölkəmizin son illərdəki inkişaf tendensiyasını özündə ehtiva edir. Çox müsbət haldır ki, büdcə zərfi “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası, “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi sənədlər əsasında işlənmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Sənaye ili” elan edilmiş və qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni texnologiyalar əsasında sənaye infrastrukturunun qurulması üçün əlverişli şərait yaradılmışdır. Buna parlaq misal kimi mən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son 7 ildə əldə etdiyi uğurlu göstəriciləri və hər il 17–18, 20–25 faizə qədər artımları göstərə bilərəm. Bu ondan xəbər verir ki, ölkədə uğurla həyata keçirilən qeyri-neft sektorunun inkişafı siyasəti öz bəhrəsini verməkdədir. Təbii ki, buna uyğun olaraq həmin nazirlikdə yüksək texnologiyalar funksiyası da artırıldı. Hesab edirəm ki, yaxın zamanlarda bunun da böyük bir bəhrəsini görəcəyik.
Təhsil sahəsində də böyük islahatlar həyata keçirilir, bö-yük uğurlar var. Bunu davam etdirmək, möhkəmləndirmək lazımdır. Bununla bağlı mən bir fikri vurğulamaq istərdim. Elm ilə təhsil bir-biri ilə sıx bağlıdır. Biz innovasiyalar, elm cəmiyyəti qurmaq əzmindəyik. Bunun üçün, hesab edirəm ki, Təhsil Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir. Büdcə zərfində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün elmə rəhbərlik və innovasiyaların sürətləndirilməsi siyasətinin məhz bu nazirlik tərəfindən həyata keçirilməsinin zamanı çatmışdır. Bu artıq zərurətdir. Çünki elmdə əldə edilmiş nailiyyətlərin təhsil sisteminə gec gəlməsi həmin elmi biliklərin köhnəlməsinə səbəb olur və kadr hazırlığında da çevikliyi xeyli azaldır.
Hesab edirik ki, bu innovasiyalar, elmi axtarışlar bütün dünya praktikasında olduğu kimi, ali məktəblərdə və Təhsil Nazirliyi sistemində cəmləşdirilməli və büdcədən ayrılan vəsait də məqsədyönlü qrant layihələri çərçivəsində real nəticələr verə biləcək istiqamətə yönəldilməlidir. Əgər burada real nəticə olmayacaqsa və bu, büdcəyə dividentlər gətirməyəcəksə, hesab edirəm ki, biz büdcədən nə qədər vəsait ayırsaq da, bu sahədə elə bir irəliləyişə nail ola bilməyəcəyik. Hesab edirəm ki, bu məsələyə baxılmalı və bu, diqqətdə saxlanmalıdır.
İnfrastruktur layihələrinə ayrılan vəsait aparılmış uğurlu siyasət nəticəsində özünü doğruldubdur. Bu ilin büdcəsi də onu göstərdi. Gələn il də bu layihələrin davam etdirilməsi, hesab edirəm ki, həm ölkədə iqtisadi inkişafı, həm də milli iqtisadiyyatın rəqabət qabiliyyətli bir iqtisadiyyata çevrilməsi prosesini daha da sürətləndirəcəkdir.
Ən böyük göstəricilərdən biri də ondan ibarətdir ki, orta inflyasiya faizi 2,4-ü keçməmişdir. Bu, əlbəttə, dövlətin apardığı uğurlu siyasətin nəticəsidir. Baxmayaraq ki, Azər-baycan dünya iqtisadi məkanına inteqrasiya edir və orada baş verən proseslər bizim iqtisadi inkişafımıza təsirsiz ötmür. Amma düzgün qurulmuş siyasət nəticəsində biz bu təsirlərdən çox az ziyanla ötüşə bilirik. Bu baxımdan hesab edirəm ki, burada geniş müzakirələrə səbəb olmuş neftin qiyməti ilə bağlı narahatlıqlara əsas yoxdur. Büdcə zərfində müəyyən streslərə qarşı tədbirlər həyata keçirilməsi nəzərdə tutulub və bunların hamısı hesablanıbdır.
Mən hesab edirəm ki, büdcə vəsaitinin xərclənməsinə nəzarət məsələsi bir qədər də gücləndirilməlidir. Hər il biz Hesablama Palatasının rəyini, hesabatını dinləyəndə eşidirik ki, bu və ya digər dövlət qurumlarının hansısa vəsaiti geriyə ödətdirilib. Deməli, o vəsait təyinatı üzrə düzgün xərclənməyib. Hesab edirəm ki, Maliyyə Nazirliyinin bu işi həyata keçirmək funksiyasının artırılması büdcənin çevik idarə olunmasına və səmərəli istifadəsinə şərait yarada bilərdi.
Dövlət orqanlarının fəaliyyətində elektron xidmətin ge-nişləndirilməsi, şəffaflığın təmin edilməsi “ASAN xidmət”in nümunəsində gözəl nəticələrini verdi. Doğrudur, büdcə zərfində bu, nəzərdə tutulub. Amma hesab edirəm ki, bu istiqamətdə işlərin daha da genişləndirilməsi gələcəkdə həm korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması, həm də artıq burada qeyd edildiyi kimi, bəzi itkilərin qarşısının alınması üçün münbit şərait yaradardı.
Bütövlükdə, hesab edirəm ki, büdcə layihəsi çox yaxşı, uğurlu hazırlanıbdır və növbəti ildə iqtisadiyyatımızın daha da güclənməsi və inkişaf etməsinə öz töhfəsini verəcəkdir. Bu büdcə layihəsini qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Saat 4-ə kimi fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Vahid Əhmədov buyursun.
V.Əhmədov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Bayaq Valeh müəllim Ələsgərov “Reklam haqqında” Qanunla əlaqədar bir məsə-ləyə toxundu. Buna görə də qeyd etmək istəyirəm ki, “Rek-lam haqqında” Qanun cənab Sədrin razılığı və Prezident Administrasiyasından olan nümayəndələrin iştirakı ilə bizim komitədə müzakirə olunub. O qanun müzakirə olunanda biz bu məsələlərə toxunmuşuq və mən qeyd etmişəm ki, Azərbaycanda bu gün reklamın dövriyyəsinin 60 milyon manat olmasına baxmayaraq, gəlir cəmi 26 milyon manatdır. Yəni reklamda kölgə iqtisadiyyatı həddindən artıq çoxdur. Bunun qarşısını almaq yollarından biri də yeni qanunun qəbul edilməsidir ki, hazırda biz bunun üzərində işləyirik.
Dövlət büdcəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan iqtisadi cəhətdən artıq müstəqil dövlətdir. İlk dəfə olaraq dövlət başçısı bunu Azərbaycan hökumətinin iclasında qeyd etdi. Son illər Azərbaycan hökuməti tərəfindən aparılan diversifikasiya proqramı, xüsusilə də 2014-cü ildə təməli qoyulmuş Cənub Qaz Dəhlizinin tikintisinin başlanması, mən hesab edirəm ki, Azərbaycanın nəinki iqtisadi cəhətdən, o cümlədən də siyasi cəhətdən əbədi müstəqilliyinə yol açdı.
Bu gün bizə təqdim olunan 2015-ci ilin dövlət büdcəsin-dəki rəqəmlər, 2014-cü ilə nisbətən dövlət gəlirlərinin 5,7 faiz, xərclərinin 5,2 faiz artması, dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula nisbətinin 2,3 faiz, inflyasiyanın 2 faiz olması bir daha onu göstərir ki, 2015-ci ilin dövlət büdcəsi riskli büdcə deyil, investisiya və sosial yönümlü büdcədir və bu büdcənin icrasında elə bir ciddi problem olmayacaq. Hökumət, o cümlədən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən aparılan işlər nəticə-sində dövlət büdcəsində vaxtilə ödənilməmiş vergilərin 6 milyarddan 2 milyarda endirilməsi, vergi yığımı əmsalının əlavə 5 faiz artırılması onu göstərir ki, Azərbaycanda mak-roiqtisadi stabillilik qorunub saxlanacaqdır.
Mən İqtisadiyyat və Sənaye Nazirliyi ilə Maliyyə Nazir-liyinin apardığı uğurlu iş nəticəsində 10 milyard manata yaxın vergi gəlirlərinin, yəni xərclərin 48 faizinin dövlət proqramları əsasında tərtib edilməsini xüsusilə qeyd etmək istəyirəm. Bu çox uğurlu bir addımdır və bu işi davam etdirmək lazımdır.
Bütün bunlarla bərabər, dövlət büdcəsində mən bir sıra məsələlərlə bağlı mövqeyimi bildirmək istəyərəm. Burada neftin qiyməti ilə əlaqədar müəyyən polemikalar gedir. Hətta bəzi şəxslər bizə neftin qiyməti ilə əlaqədar dərs keçmək istəyirlər. Çox təəssüf edirəm. Bunu hamı bilir ki, neftin qiymətinin 90 və ya 80 dollar götürülməsi dövlət büdcəsinə o qədər də təsir edən deyil. Çünki neftin qiymətinin, ümumiyyətlə, dövlət büdcəsində təsiri 11 faizdir. Bu, təxminən 2 milyard manat edir. Qiymətin 10 dollar az, yəni 80 və ya 70 dollar götürülməsi isə dövlət büdcəsinə təxminən 250–260 milyon təsir edir. Bu böyük rəqəm deyil, biz bunu başa düşürük. Amma onu da nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin təxminən 67 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondundan biz 10,3 milyard manat transfert edirik və bunları nəzərə alaraq 6,9 milyard manat investisiya qoyuluşu nəzərdə tutmuşuq. Əgər, doğrudan da, neftin qiymətində belə sıçrayışlar gözlənilirdisə, niyə biz bu 6,9 milyardı nəzərdə tuturduq? Olmazdımı ki, bu məbləği bir qədər aşağı salaq? Mən başa düşürəm, bu il ancaq Avropa Oyunlarına təxminən 1,3 milyard, Cənub Qaz Dəhlizinə 1 milyard manata yaxın vəsait qoyulmalıdır. Amma bunu müəyyən qədər azaltmaq da olardı.
Bu gün Azərbaycan hökumətinin, Maliyyə Nazirliyinin, Hesablama Palatasının qarşısında dayanan ən ciddi məsələ büdcənin xərc hissəsinə nəzarət mexanizminin olmamasıdır. Kim zəmanət verə bilər ki, o 6,9 milyard manat vəsaitdən təyinatı üzrə məqsədli şəkildə istifadə ediləcək? Heç kim buna zəmanət verə bilməz. Mən bir neçə dəfə Hesablama Palatasının burada hesabatı olanda da demişəm ki, artıq kiçik layihələrdən iri layihələrin yoxlanılmasına keçmək lazımdır. Azərbaycanda 1 milyardlıq, 2 milyardlıq layihələr var. Niyə bu layihələr nəzarətdən kənarda qalır? Niyə bu layihələrə çəkilən xərclər yoxlanılmır? Yoxsa bunlar ayrı-ayrı məmurların ixtiyarında olan məsələlərdir? Bu dövlətin vəsaitidir bunlar, bu vəsaitlər nəzarət altında olmalıdır. Ona görə də mən belə hesab edirəm ki, dövlət büdcəsində neftin qiymətinin neçə dollardan götürülməsi çox böyük əhəmiyyət kəsb edir.
Daha bir ciddi məsələni burada Mərkəzi Bankın İdarə Heyətinin sədri, dostumuz Elman Rüstəmov qeyd etdi. Əlbəttə, Mərkəzi Bank Azərbaycanda qanuna əsasən pul-kredit siyasətini həyata keçirən və ona nəzarət edən orqan-dır. Mən Elman Rüstəmovun və onun komandasının fəaliy-yətini böhran dövründə də çox yüksək qiymətləndirmişəm, indi də yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azər-baycan hökumətində o, ümumiyyətlə, maliyyə sistemini bilən ən savadlı insanlardan biridir.
Amma bir şeyə təəccüb edirəm. Biz kredit faizləri ilə əla-qədar məsələni Milli Məclisdə mütəmadi olaraq qaldırırıq. Niyə bu məsələ öz həllini tapmır? Hər iclasda, hökumətin hesabatında, dövlət büdcəsi müzakirə olunanda bu məsələyə toxunuruq. Keçən dəfə də bu məsələyə toxunduq. Müəyyən addımlar atıldı, biz dedik ki, yəqin, faizlər aşağı düşəcək, yenə də sığortalanmış əmanətlər üzrə faizləri 12 faizdən 10 faizə endirdilər, amma kredit faizləri aşağı düşmədi. Əvəzində nə baş verdi? 10 ay ərzində bankların gəlirləri 3,75 faizdən 5,3 faizə qalxdı. Əmanətlər üzrə faizləri aşağı saldılar ki, müəyyən insanlar, bankirlər əlavə vəsait əldə etsinlər.
Yəni bu çox ciddi məsələdir, Azərbaycanın maliyyə ba-zarına təsir edən bir amildir. Əhalinin kredit borcu artıq milyarda yaxınlaşır, 970 milyona yaxındır. Bu camaat bunu nə vaxt ödəyəcək? Əhalinin mənzilləri əlindən alınır, texni-kası əlindən alınır və sair. Bunun qarşısı alınmalıdır. Mən hətta bir dəfə həmkarımız cənab Oqtay Əsədovdan xahiş etdim ki, bəlkə biz Milli Məclisdə bu banklarla əlaqədar xüsusi bir iclas təyin edək, keçirək, bankirlərə qulaq asaq, görək niyə belə addım atırlar? Bunun axırı hara gedib çıxa-caq? Bu məsələni mütləq həll etmək lazımdır.
Digər bir məsələ. Cənab Prezident bu ili “Sənaye ili” elan edib, o cümlədən sənaye məhəllələri haqqında fərman imzalayıb. İqtisadiyyat və Sənaye Nazirliyi pilot layihə kimi Neftçala rayonunda belə bir sənaye məhəlləsinin yaradılmasını planlaşdırır. Mən belə hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı üçün sənaye məhəllələrinin yaradılması çox vacibdir, amma onlar pilot layihə kimi bir rayonda yox, bütün rayonlarda eyni vaxtda yaradılmalıdır. Əgər biz qeyri-neft sektorunun inkişafını görmək istəyiriksə, mütləq sənayenin inkişafına diqqəti artırmalıyıq. Ona görə də xahişim odur ki, sənaye məhəllələrinin yaradılması yalnız pilot layihə kimi bir yerdə yox, bütün rayonlarda həyata keçirilsin.
Burada əksər millət vəkilləri ipoteka ilə əlaqədar məsə-lələrə toxundular. Biz demirik ki, ipoteka azdır və ya çox-dur. Buna toxunmaq istəmirəm. Azərbaycanda mənzil prob-lemi var, özü də yalnız Bakı, Sumqayıt və Gəncədə deyil, bütün rayonlarda var. Bizim rayonlarda 15–20 il növbədə dayanan insanlar var, torpaq almaq imkanları və sair yoxdur. Ona görə də mən komitənin iclasında təklif etdim ki, Azərbaycan hökuməti mənzillə əlaqədar xüsusi proqram təyin etsin, harada lazımdır, sosial evlər tiksin, harada lazımdır, ipoteka krediti versin. Amma müəyyən proqram olsun və insanlar bilsinlər ki, heç olmasa, 5 ildən, 10 ildən sonra mənzilə yiyələnə biləcəklər. Bu da çox ciddi məsələ olduğu üçün xahiş edərdim, nəzərə alınsın.
Həkimlərin, müəllimlərin maaşları ilə əlaqədar. Mənim aldığım məlumata görə, maliyyə və təhsil nazirləri öz ara-larında görüşlər keçirib müəyyən razılığa gəliblər. Amma mən dövlət büdcəsində əmək haqqının ödənilməsi qrafasına baxanda orada həkimlərin əmək haqqının cəmi 0,6 faiz artırıldığını gördüm. Mən burada maaşların hansı hesabdan artırılacağını başa düşə bilmədim. Ona görə də xahiş edirəm, buna fikir verilsin.
Cənab Prezidentin həmişə hökumət qarşısında qoyduğu ən ciddi məsələlərdən biri qeyri-neft sektorunun inkişafıdır. Bu il dövlət büdcəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 66 faiz təşkil edir. Gəlirlər cəmi 34 faizdir. 19,8 milyard investisiyanın da təxmınən 14 milyardını biz 2015-ci ildə qeyri-neft sektoruna qoyuruq. Amma idxala baxın, idxalın 85 faizi qeyri-neft məhsulları, avadanlıqlarıdır. Yəni Azərbaycanın burada imkanları çox böyükdür. Mən bunu artıq bir neçə dəfə demişəm. İmkanlar çox böyük olduğu üçün qeyri-neft sektorunun strukturuna baxmaq lazımdır. Strukturu elə inkişaf etdirmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsinə gəlirlər gətirsin. Sexlər açmaqla, kiçik sahələr açmaqla biz Azərbaycanın dövlət büdcəsinə heç nə verə bilmərik.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli hökumət üzvləri, hörmətli deputatlar, həmkarlarım! Doğrudan da, dünyada baş verən hadisələrə nəzər salanda görürük ki, bu qarışıq dünyada həm ölkədə iqtisadi-siyasi sabitlik yaratmaq, iqtisadi, sosial islahatlar aparmaq, quruculuq, abadlıq işləri ilə məşğul olmaq, həm də eyni zamanda, bizim bu inkişafımızı gözü götürməyənlərin ədalətsiz təpkilərinə sinə gərmək çox çətin məsələdir. Məhz Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin sayəsində bu gün həm bu təpkilərin qarşısı alınır, həm də Azərbaycanda sosial-iqtisadi inkişaf gedir, əhalinin gəlirləri artır, tikinti, quruculuq, abadlıq işləri görülür, yeni iş yerləri açılır. Müxtəlif sahələrdə ciddi inkişaf var və bu, büdcədə də öz əksini tapıbdır.
Burada həm məruzəçilər, həm də həmkarlarım büdcənin məziyyətləri barədə fikirlərini söylədilər, həmçinin təkliflərini irəli sürdülər. Mən də bir neçə təklifimi tezis şəklində çatdırmaq istəyirəm. Mən hesab edirəm ki, gələcəkdə bunlar da nəzərə alınsa, çox məqsədəmüvafiq olar.
İlk növbədə bir fikri qeyd etmək istəyirəm. Məruzəçi-lərdən və həmkarlarımızdan bəziləri, görürsən ki, Azərbay-canı inkişaf baxımından və digər cəhətlərdən Ermənistanla müqayisə edirlər. Bilirsiniz, bu, çox uğursuz müqayisədir. Təkcə onu demək kifayətdir ki, bizdə təkcə ordunun büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda isə Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər. Burada Ermənistanla hər hansı bir müqayisəyə yer yoxdur. Təbii ki, başa düşürəm, bu müqayisələrin aparılması əhali üçün, müəyyən cəhətlər üçün vacib olan şərtlərdəndir. Amma Azərbaycanın bugünkü göstəriciləri onun Ermənistanla müqayisə olunmasını namünasib edir.
Burada 2015-cu ilin dövlət büdcəsi çox geniş şəkildə müzakirə olundu. Hörmətli Elman müəllim çıxış etdi və kreditlərlə, maliyyə-pul siyasəti ilə, digər məsələlərlə bağlı fikirlərini söylədi. Biz bu gün Rusiyanın timsalında görürük ki, ərzaq təhlükəsizliyi ölkə üçün nə qədər vacib şərtlərdən biridir. Azərbaycanda da ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün fermerlər tərəfindən kreditlərin alınması vacib amillərdən biridir. Amma onlara verilən kreditlər gü-zəştli və uzunmüddətli olmalıdır. Deyək ki, kim isə kefindən avtomobil almaq istəyir. Ona verilən kreditlə Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etməli olan fermerə verilən krediti eyni götürmək olmaz. Bu fermer bir il müddətinə 23–25 faizlə verilən krediti hansı yolla qaytara bilər və yaxud qaytarmalıdır? Ona uzunmüddətli kredit verilməlidir.
Fermer, məsələn, alma ağacı əkirsə, onun məhsulunu 3 ildən sonra alır. Bir ilə nəticə almaq üçün əkilən ya taxıl olur, ya da tərəvəz məhsulları. O da ya yağış yağmır, quraq-lıq olur, ya da əkin sahəsini zərərvericilər və xəstəliklər tələf eləyir, məhsul olmur. Bunun nəticəsində fermer borca düşür, başlayır ev-eşiyini satıb, banka ödəməyə. Bu baxımdan da mən hesab edirəm, bu, nəzərə alınmalıdır.
Amerika Birləşmiş Ştatlarında bir təşkilatın, bir firmanın gəliri 10 faizə yaxınlaşırsa, bununla Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olur ki, necə ola bilər, illik dövriyyədə bunun gəliri 10 faiz olsun. Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya silah, ya da insan alveri ilə məşğul olmaq lazımdır. Başqa halda bu krediti qaytarmaq qeyri-mümkündür. İkinci tərəfdən, bank vətəndaşa verdiyi krediti 100 faiz, 200 faiz sığortalayır. Deyir, 100 min pul verirəmsə, gərək 200 minlik əmlak girov qoyasan. Vətəndaş buna etibar edir, vətəndaşın qoyduğu əmanətin ancaq 30 min manatlıq hissəsini sığortalayır. Bəs nəyə görə bank öz vəsaitini 100 faiz sığortalayır, vətəndaşın vəsaiti havada qalır? Bu baxımdan mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə baxılmalıdır.
İkinci məsələ. Burada həmkarlarım ipoteka ilə bağlı fikirlərini bildirdilər. Mən bir detalı demək istəyirəm. Bu gün burada hörmətli nazirlərimiz iştirak edirlər. Nazirliyin idarə rəisinin, dövlət qulluqçusunun maaşı imkan vermir ki, bu gün o, ipoteka krediti alsın. Müəllim, həkim, gənc mütə-xəssis necə ala bilər? Bu, gənclər üçün nəzərdə tutulubsa, bunun faizi aşağı salınmalıdır. İpoteka krediti sanki ancaq imkanlı adamlar üçün nəzərdə tutulub. Kim imkanlı adam-dır, bir az da ipoteka alsın, bununla da kəm-kəsirini düzəlt-sin. Yəni maddi imkanı olmayan şəxsə bunun heç bir əhə-miyyəti yoxdur. Bu, göz qabağındadır. Düzdür, biz bunu ilbəil artırırıq, amma nəticəni müqayisə etməliyik. Cənab Prezident də hökumətin keçəndəfəki hesabatında məsələ qoydu ki, ipoteka kreditlərinə yenidən baxılsın. Prezidenti-mizın həmişə şüarı ondan ibarət olmuşdur ki, görülən işlərin hamısı vətəndaş üçün, insan üçün olmalıdır. Bu abadlıq, quruculuq işləri də, tikilən məktəblər, bağçalar, xəstəxanalar da insanlar üçündür. Ona görə ipotekanın da insan üçün olduğu nəzərə alınmalıdır. Mən hesab edirəm ki, bu da öz həllini tapmalıdır.
Üçüncü məsələ. Burada müəllimlərlə bağlı əmək haqqı məsələsini qaldırdılar. Təbii ki, tək əmək haqqının artırıl-ması ilə bu məsələ öz həllini tapa bilməz. 23 ildir eşidirik ki, təhsil sistemində islahat gedir. Biri “Bolonya” gətirir, biri “kurrikulum” gətirir, biri nə bilim nə. Amma hələ ki, ortada bir şey yoxdur. Getdikcə də təhsil alanların bilik səviyyəsi, abituriyentlərin ali məktəblərə qəbul olunmaq üçün toplaya bildikləri balların faizi aşağı düşür və ümumilikdə götürəndə ortaya bir şey gəlib çıxmır.
Bu gün Azərbaycanda əhalinin sayına nisbətən müəllim-lərin sayı Amerikadakından üç dəfə artıqdır. O baxımdan bu tərkiblə də bağlı bir islahat aparmaq və sonra müəllimlərə yaxşı əmək haqqı vermək lazımdır ki, yaxşı da işləyib fəaliyyət göstərsinlər. Yoxsa bu adamlar Əli aşından da olurlar, Vəli aşından da. Bir yerdə adını yazdırır, bir şey ala bilmir, başqa yerdə də gedib işləmir. Halbuki başqa sahədə bəlkə daha çox xeyir verə bilər.
Mən məktəblə bağlı bir problemi də qeyd etmək istəyi-rəm, Oqtay müəllim. Ola bilər ki, biz alim yetişdiririk, pro-fessor yetişdiririk, bəstəkar yetişdiririk. Lakin bu gün, xahiş edirəm, gedin, hər hansı orta məktəbin qarşısında dərsdən çıxan Azərbaycan uşaqlarına bir baxın. Bu gün təhsil alan Azərbaycan oğlanlarının 20 faizindən artığı ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərslər də, idman dərsləri də bərpa olunmalıdır. Ümumi fiziki hazırlıq olmalıdır. Şagirdlər bu fənlərdən də imtahan verməlidirlər. Biz kişi yetişdiririk. Bunlardan beşi lap olsun Nobel mükafatı laureatı, beşi olsun bəstəkar. Amma bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan əsgər lazımdır. Bu gündən biz onları yetişdirməliyik. Hər kənddə, hər bir yerdə görürsən, silah çıxır, silah tapılır, bu silahın növünü bilməlidir, heç olmasa, öz ailəsini bu silahın xətərindən qorumağı bacarmalıdır.
Qantel ağırlığında kitabları yükləyirik uşaqlara. Bir xarici bir dəfə mənə dedi ki, sizdə kitab buraxmırlar, sanki adam öldürmək üçün soyuq silah buraxırlar. Elə qalın üzlük zad yaradırlar ki, kimin başına vursan, yəqin ki, o dünyalıq olar. Amma o kitabın içərisində bir şey yoxdur. Bu uşaqlara bir insanların yazığı gəlsin. Bunların dərs sisteminə baxmaq, normal dərs verib, normal uşaqlar yetişdirmək lazımdır.
Burada siyasi partiyalarla bağlı məsələ qaldırıldı. Bu məsələdə mən də həmkarlarımla həmrəyəm. Keçən dəfə hörmətli maliyyə naziri dedi ki, pulun bir hissəsini götür-məyib. Qanunun tələbidir ki, bu pulu 3 faizlik baryeri keçən və Milli Məclisdə təmsil olunan partiyalar almalıdır. Bu da yoxdur. İndi biz bunun günahkarı deyilik ki. Olanda gəlib öz vəsaitlərini götürərlər. Misal üçün, qeyri-hökumət təşkilatları xaricdən də qrant alır. Biz qanun qəbul etdik, yazdıq ki, onlar nazirliklərdən də, fərdi şəxslərdən də sifariş qəbul edib yerinə yetirə bilərlər. Mətbuat orqanları reklam verir, gəlir əldə edir. Partiya nə etsin, kimdən sifariş alsın və yaxud hansı reklamı göstərsin ki, bundan müəyyən məbləğ əldə eləsin? Ona görə də siyasi partiyalara, xahiş edirəm, vəsait artırılsın ki, bunların da bir qırışığı açılsın və siyasi partiyaların da maliyyələşməsi qaydasına düşsün. Təşəkkür edirəm.
Sədrlik edən. Siyasi partiyaları QHT-lərlə müqayisə et-mək, məncə, doğru deyildir. QHT başqa şeydir. Siyasi parti-yanın da maliyyəsinin artması mümkündür. Siyasi partiyanın üzvlərinin sayı artdıqca maliyyəsi də artacaq. Onun da yolu var. Əhməd Vəliyev.
Ə.Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hamımıza məlumdur ki, ölkənin iqtisadi qüdrəti onun siyasi qüdrətinə, eyni zamanda, beynəlxalq nüfuzuna inteqrasiya edir. Bu baxımdan hörmətli Prezidentimiz cənab İlham Əliyevin uğurlu fəaliyyəti bu gün ölkəmizin iqtisadi və siyasi qüdrətinin sintezinə gətirib çıxarmışdır.
2015-ci ilin dövlət büdcəsinin layihəsi ölkənin orta və uzunmüddətli prioritetlərinin, dövlətin iqtisadi və siyasi kursunun həyata keçirilməsi, xalqın rifahının yaxşılaşdırılması və dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə tərtib edilmişdir.
Hər il olduğu kimi, 2015-ci ilin büdcə layihəsində də əsas iqtisadi məqsəd qeyri-neft sektorunun sürətli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əhalinin sosial problemlərinin həlli, həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, ölkənin müdafiə qüdrətinin artırılması və sair olmuşdur.
2015-ci ilin layihəsində büdcə gəlir və xərcləri çərçivəsində, əsasən, həlli vacib olan və strateji əhəmiyyət kəsb edən sahələrə vəsaitlərin artırılması nəzərdə tutulmuşdur. Məsələn, müdafiə və təhlükəsizlik xərclərinin, göründüyü kimi, artımı, mən hesab edirəm ki, müharibə edən bir ölkə üçün təqdirəlayiqdir.
Təhsil xərcləri 2013-cü illə müqayisədə 19 faiz və ya 273,5 milyon manat artırılaraq 1 milyard 711 milyon manat olmuşdur ki, bunun da dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faizdir. Bu çox böyük göstəricidir. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində büdcənin təxminən 6 faizi, hətta Böyük Britaniyada 5 faizi, Almaniyada 4,7 faizi təhsilə ayrılır. Hesab edirəm ki, dövlət büdcəsinin 8,1 faizinin təhsilə ayrılması təhsilin inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsinə, yüksək səviyyəli kadr potensialının formalaşmasına, hörmətli Prezidentimizin dediyi kimi, maddi kapitalın insan kapitalına çevrilməsinə öz müsbət təsirini göstərəcəkdir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə fundamental addımlar atılmışdır. Ümidvaram ki, ayrılan vəsaitlər çərçivəsində bu strategiyanın həyata keçirilməsi öz uğurlu sonluğuna çatacaqdır. Mən bir təhsil işçisi olaraq təhsilə ayrılmış vəsaitin artırılmasına diqqət göstərən bütün insanlara öz təşəkkürümü bildirirəm.
Sosial yönümlü xərclər də bütövlükdə 5 milyard 826 milyon manat təşkil edir ki, bu da 2013-cü illə müqayisədə təxminən 920 milyon manat çoxdur. Digər tərəfdən sosial ipoteka kreditlərinin məbləğinin 2014-cü ildə 40 milyon manat olduğu halda 2015-ci ildə 25 faiz artırılaraq 50 mil-yon manat olması nəzərdə tutulmuşdur.
Qeyd edim ki, 2015-ci ilin dövlət büdcəsi hesabına vətəndaşlar 50 milyon manatlıq sosial ipoteka kreditlərindən, eyni zamanda, İpoteka Fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi hesabına təxminən 80 milyon manatdan artıq kreditlərdən, habelə respublika banklarının 90 milyon manata yaxın kommersiya ipotekalarından faydalanmaq imkanlarına malik olacaqlar. Deməli, 2015-ci ildə ipoteka proqramı dövlət büdcəsi və digər mənbələrlə birlikdə vətəndaşların, ən əsası da gənc ailələrin 250 milyon manata yaxın ipoteka kreditindən faydalanaraq mənzil şəraitini yaxşılaşdıracağından xəbər verir. Beləliklə, ayrı-ayrı sosial sahələrə ayrılmış vəsaitlərə diqqət yetirməklə büdcəmizin sosial yönümlü olması qənaətinə gələ bilərik.
Bütövlükdə son illərin göstəricilərinə nəzər salıb müqayisələr aparmaqla bütün sahələrdə haqq-ədalət gözlənilməklə artım dinamikasını görmək mümkündür. Məsələn, qeyri-neft sektoruna istər daxili, istərsə də xarici investisiyaların qoyulmasında çox böyük artımların olmasını görmək o qədər də çətin deyildir. Bu da ölkəmizə, dövlət başçımıza inamın bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Hörmətli millət vəkilləri, hökumətin burada olmasından istifadə edərək bəzi xahiş və təkliflərimi də diqqətə çatdır-maq istərdim. Mən gənclərimiz üçün çox zəruri olan təhsil kreditlərinin tətbiq olunmasını, ipotekaların faiz dərəcələri-nin aşağı salınmasını, fundamental elmi tədqiqatların qrant-lar formasında həyata keçirilməsi üçün elm fonduna vəsaitin artırılmasını məqsədəmüvafiq hesab edirəm.
Seçildiyim Qazax rayonu ilə bağlı müəyyən təkliflərimi vermək istərdim. İlk öncə hər il qaldırdığım bütün məsələ-lərə diqqət yetirildiyinə görə ölkə Prezidentinə və bütün hökumət üzvlərinə seçicilərimin dərin təşəkkürünü bildiri-rəm. Eyni zamanda, bəzi problemləri yada salmaq istərdim.
Qazax rayonu düşmən Ermənistanla 168 kilometr sərhədə malikdir. 7 kəndi işğal olunmuş, 5 kəndi isə daim atəş altındadır. Məlumat üçün bildirmək istərdim ki, işğal olunmuş kəndlərin bir sakini belə rayon ərazisindən kənara çıxmamışdır. 1000-ə yaxın məcburi köçkün ailəsi Qazax şəhərində və rayonun digər kəndlərində vaqonlarda və ayrı-ayrı yararsız binalarda dözülməz şəraitdə yaşayır. Bu problemin həll olunması məqsədilə rayon ərazisində yüksək mərtəbəli binaların tikilməsi üçün rayon icra hakimiyyəti tərəfindən yer ayrılmış, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən artıq layihələşmə də aparılmışdır. Bu istiqamətdə vəsaitin ayrılmasını xahiş edərdim.
Qazax rayonu mərkəzi xəstəxanasının tikintisinə başlan-mış, lakin vəsaitin çatışmazlığı üzündən tikinti yarımçıq qalmışdır. Bunun isə düşmənlə üz-üzə dayanmış bir bölgə üçün nə demək olduğu, hesab edirəm ki, hamı üçün aydındır. Ona görə də Səhiyyə Nazirliyindən Qazax rayonu mərkəzi xəstəxanasının tikintisi üçün vəsaitin ayrılmasını xahiş edirəm. Həmçinin Qazax rayon su-kanalizasiya siste-minin çəkilişinin başlanması üçün də vəsaitin ayrılmasına böyük ehtiyacın olmasını diqqətinizə çatdırmaq istərdim.
Məktəblərlə bağlı. İlk olaraq qeyd edim ki, bir zamanlar qəzalı məktəblərlə bağlı qaldırdığım məsələlərə artıq müəy-yən qədər diqqət yetirilmiş və bunlar öz həllini tapmışdır. Hətta daim atəş altında olan bütün sərhəd kəndlərində belə yeni məktəblərin tikilib istifadəyə verilməsi diqqətəlayiqdir. Bunun üçün ölkə Prezidentinə, Heydər Əliyev Fonduna və hökumət üzvlərinə dərin təşəkkürümü bildirirəm. Bununla yanaşı, qeyd etmək istərdim ki, sovetlər dövründə inşa olunmuş məktəblərin əsaslı təmirinə çox böyük ehtiyac vardır. Bunun üçün də vəsaitin ayrılmasını xahiş edərdim. O məktəblərin siyahısını yazılı şəkildə sizə təqdim edəcəyəm.
Bütövlükdə 2015-ci ilin büdcə layihəsini müsbət qiymətləndirirəm. Ona səs verəcəyəm və həmkarlarımı da onun qəbul olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri, hörmətli hökumət üzvləri! Təqdim edilən büdcə layihəsinin lehinə səs verəcəyəm. Hər şeydən əvvəl ona görə ki, indi dünyada baş verən mürəkkəb sosial-iqtisadi, siyasi və hərbi proseslər nəticəsində yaranmış qeyri-müəyyənlik və xaos səbəbindən bəzi ölkələrin sabahkı inkişaflarını proqnozlaşdıra bilmədikləri bir zamanda bizim gələnilki dövlət büdcəmiz ciddi şəkildə əsaslandırılıb, əvvəlki illərdəki varislik davam etdirilərək ölkəmizin inkişafına və vətəndaşların daha yaxşı yaşamasına yönəlib. Son illərdə ölkəmizin inkişaf göstəricilərindən danışarkən uzun-uzadı rəqəmləri gətir-məkdən imtina edərək yalnız bir neçə faktın üzərində dayanmaq istəyirəm.
Hər şeydən əvvəl qeyd edim ki, 2015-ci ildə Bakı, Sum-qayıt, Mingəçevir, Şirvan, Abşeron və İmişliyə dövlət büd-cəsindən vəsaitin ayrılmaması, həmin şəhər və rayonlarımı-zın yerli gəlirlər hesabına özlərini maliyyələşdirməsi Prezi-dentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş sosial-iqtisadi, siyasi inkişafın göstəricilərindən biri və konkret nəticəsidir.
2015-ci ildə əhalinin gəlirlərinin bu illə müqayisədə 5,8 faiz artırılmasının nəzərdə tutulması müsbət qiymətləndiril-məlidir. Təbii ki, bu, hökumətimizin, dövlətimizin millət-sevər bir siyasət yürütdüyünü göstərir. Yaxşı bilirsiniz ki, iqtisadiyyatı enerji resursları üzərində qurulan ölkələr həmin resursların qiymətləri dünya bazarında aşağı düşdükdə, adətən, büdcə xərclərini, o cümlədən sosial xərcləri azaldır və digər sərt tədbirlər həyata keçirirlər. Bizdə isə büdcəmizin investisiya və sosial yönümlü olmasının saxlanması hökumətimizin, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bacarıqlı iqtisadi, maliyyə siyasətinin göstəricisidir.
Hörmətli maliyyə nazirimizdən bəzi məsələlərə diqqət yetirməsini xahiş edirəm. Birincisi, hökumətimizin ölkənin qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafına dair böyük layihələr həyata keçirməsi, Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsinə yönəlik fəaliyyətin artırılması, ixracın təşviq edilməsi büdcəmizə ciddi əlavə vəsaitlərin daxil olmasına gətirib çıxara bilər. Buna diqqət yetirməyinizi xahiş edirəm.
İkincisi, ölkəmizdə, fikrimcə, bəzi səhiyyə və texniki peşə müəssisələrinin özəlləşdirilməsinə ehtiyac var. Bu həm zamanın tələbidir, həm də bu özəlləşdirmədən büdcəmizə müəyyən vəsaitlər gələ bilər.
Üçüncüsü, vergidən yayınma hallarının qarşısının alın-ması ilə bağlı ciddi tədbirlər həyata keçirilməlidir. Vergi operativ bir idarə olduğundan bu məsələlərin diqqətə alın-masını xahiş edirəm.
Dördüncüsü, mənim fikrimcə, dövlət büdcəsindən asılı olmayan şəhər və rayonlarımızın sayını artırmaq, həmin ra-yonlara sərmayə qoyaraq yeni istehsal sahələri açmaq, in-frastruktur yaratmaq, büdcə vəsaitlərinin xərclənməsinə ciddi nəzarət etmək, israfçılığa yol verməmək büdcə gəlirlərinin artırılması baxımından faydalı olardı.
Beşincisi, artıq sosializmdə deyil, yeni bir quruluşda ya-şadığımızdan mən alim əməyinin qiymətləndirilməsində bərabərliyə son qoymağın, elmimizdə sağlam rəqabət mühi-tinin formalaşdırılmasının faydalı olacağı qənaətindəyəm. Fikrimcə, maliyyə və təhsil nazirlərimiz bu məsələnin həlli üçün müvafiq standartları işləyib hazırlamalıdırlar. Əgər bu sistem tətbiq edilsə, həm büdcə vəsaitləri lazımi yerə xərc-lənəcək, həm də heç bir alim narazı qalmayacaq, biləcək ki, əməyinin nəticəsinə, verdiyi elmi məhsula görə əmək haqqı alır. Bununla elmimiz həm də dünyaya çıxacaq. Mən qəti fikirdəyəm ki, alim əməyinin qiymətləndirilməsində so-sializm prinsipindən imtina etmək lazımdır. Bir daha maliyyə və təhsil nazirlərimizi bu məsələləri oturub birgə işləməyə dəvət edirəm.
Altıncısı, hesab edirəm ki, hörmətlı Sədrimizin söylədiyi kimi, QHT-lər tərəfindən Azərbaycanın xaricdə təbliği çox vacibdir. Bu deyilənlərə mən tamamilə qoşuluram.
Hesab edirəm ki, ölkəmizdə uşaq televiziyasının yaradıl-ması strateji əhəmiyyət daşıyan bir məsələdir və buna mütləq diqqət yetirilməlidir. Doğrudur, bu çətindir, maliyyə, texniki, kadr məsələləri var. Amma biz bunu mütləq etməliyik.
Nəhayət, bildiyiniz kimi, dövlət büdcəsindən asılı olmayaraq Sumqayıtda cənab Prezidentin diqqəti nəticəsində geniş quruculuq-abadlıq işləri görülür, şəhərin siması dəyişir. Paytaxtımıza gələn xarici qonaqlar Sumqayıta getmək istəyirlər. Amma hörmətli Samir müəllim, hər dəfə mən Milli Məclisdə büdcə və hökumətin hesabatı müzakirə olunanda “Azərenerji”dən xahiş edirəm ki, Sumqayıtda açıq kabellər probleminə diqqət yetirsin. Sumqayıtdan gələn məktubların böyük əksəriyyəti şəhərdə açıq kabellərlə bağlıdır. 4 ildir bəlkə də eyni şeyi mən təkrar edirəm. İnanın ki, bu bizim Sumqayıtın simasının dəyişməsinə kömək edər. Bu, şəhər büdcəsi ilə mümkün olan məsələ deyil. Ona görə Sizdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin.
Bir də, Sumqayıtda bir neçə məktəb var ki, onların təmi-rinə ehtiyac var. Başa düşürəm, təmir işləri maliyyə vəsait-ləri ilə bağlıdır. İmkan daxilində bunlara diqqət yetirməyi-nizi Sizdən xahiş edirəm.
Büdcə layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşək-kür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülçöhrə xanım Məmmədova buyursun.
G.Məmmədova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Milli Məclisin müzakirəsinə çıxarılan 2015-ci ilin dövlət büdcəsi ölkəmizin davamlı inkişafının, iqtisadi və sosial həyatın bütün sferalarında əldə edilən müsbət dəyişikliklərin aynası və nəticəsidir. Dünyanın bir çox ölkələrində böhranın davam etməsi fonunda Azərbaycanın uğurları daha əhəmiyyətli və miqyaslı görünür. Bu uğurların əldə edilməsi ilk növbədə ölkə rəhbərliyi tərəfindən müdrik siyasi strategiyanın ardıcıl həyata keçirilməsinin və təbii sərvətlərdən əldə edilən gəlirlərin düzgün istiqamətləndirilməsinin nəticəsidir.
2015-ci ilin dövlət büdcəsi barədə məndən əvvəlki çıxış-larda səslənən müsbət fikirlərə qoşularaq büdcəyə səs verə-cəyimi bildirir və bu sənədin hazırlanmasında iştirak edən bütün hökumət strukturlarının və ilk növbədə Maliyyə Na-zirliyinin böyük əməyini qeyd etməyi vacib hesab edirəm.
Deputatlar tərəfindən bir çox təkliflərin artıq səsləndiril-diyini nəzərə alaraq diqqətinizi deputat seçildiyim Goran-boy, Ağdam, Tərtər bölgəsinin bir neçə probleminə yönəlt-mək istəyirəm. Regionların inkişafı siyasətinin həyata keçi-rilməsi bu rayonların da simasını dəyişib. Lakin bu rayonlarda əldə edilmiş bir çox müsbət dəyişikliklərlə yanaşı, həllini gözləyən bir sıra məsələlər də var.
Kənd təsərrüfatının inkişafını ləngidən problemlərdən biri bölgədə suvarma suyunun qıtlığıdır. Sərsəng su anbarından gələn suyun ermənilər tərəfindən kəsilməsi məsələni daha da kəskinləşdirir. Bu günlərdə Şəmkirçay su anbarının işə düşməsi və Prezidentimiz cənab İlham Əliyevin bu münasibətlə çıxışında səslənən fikirlər, böyük planlar kənd əhalisi tərəfindən razılıqla qarşılanmış və yaxın gələcəkdə suvarma və içməli su probleminin, əsasən, aradan qaldırılacağına əminlik yaratmışdır.
Son iki ildə subartezian quyularının qazılmasında xeyli irəliləyiş olduğunu nəzərə alaraq gələn ilin büdcəsində yeni quyuların qazılmasına və daha çox köhnə quyuların bərpa edilməsinə vəsait ayrılması barədə kənd əhalisinin xahişini nəzərə almağınızı sizdən xahiş edirəm. Suvarma suyu probleminin həll edilməsi üçün dövlət proqramında nəzərdə tutulmuş Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisinin tezləşdirilməsi də çox vacibdir.
Deputat seçildiyim bölgədə heyvandarlıq inkişaf edir. Lakin ət və süd məhsullarının emalı üçün müəssisənin olmaması bu inkişafın qarşısını bir qədər alır. Belə bir zavodun tikilməsi çox vacibdir. Mən bu məsələyə yaxın zamanlarda baxılmasını xahiş edirəm.
Deputat həmkarlarımın kəndlərarası yollara diqqətin artırılması barədə çıxışlarına da qoşuluram. Cəbhə bölgəsinə aid olan Goranboy, Ağdam, Tərtər rayonlarının kəndlərini rayon mərkəzləri ilə birləşdirən yolların tikintisinə maliyyə ayrılmasını xahiş edirəm.
2015-ci ildə təhsil sahəsinə büdcə xərclərinin 3,5 faiz artırılması nəzərdə tutulmuşdur. Təhsilə yönəldilən xərclərin cəmi 39 milyon manatının, yəni 2,3 faizinin ali təhsilə ayrılacağı planlaşdırılır. Halbuki yeni qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ali təhsilin modernləşdirilməsi və inkişafı istiqamətində qarşıya qoyduğu çox ciddi vəzifələr bundan qat-qat böyük maliyyə dəstəyi tələb edir. Məsələn, yalnız laboratoriya bazasının modernləşdirilməsinə böyük vəsaitlər tələb olunur. Nümunə üçün deyim ki, məsələn, materiallar müqaviməti fənni üçün laboratoriyanın qiyməti 200 min manatdır. Tək bir Texniki Universitetə onlarla belə laboratoriya lazımdır. Bütün ali təhsil sahəsini götürsək, yüzlərlə belə laboratoriyanın qurulmasına ehtiyac var.
2015-ci ilin dövlət investisiya proqramında ali təhsil müəssisələrinin təmiri və tikintisi, eləcə də digər xərclərinə cəmi 27,8 milyon manat ayrılması planlaşdırılır. Bu məblə-ğin mümkün qədər artırılmasını ali məktəblər adından xahiş edirəm.
Universitet elminin maliyyələşdirilməsi məsələsi yenə də açıq qalır. Bu gün universitetin elmi tədqiqat fəaliyyəti ödənişli tələbələrin və dövlət sifarişi ilə təhsil alan tələbə-lərin verdiyi təhsil haqqı hesabına həyata keçirilir. Bu isə yəqin ki, düzgün deyil. Strategiyada nəzərdə tutulmuş təhsil fondunun yaradılmasına böyük ehtiyac var və ali məktəblər bunu səbirsizliklə gözləyir.
Ali məktəblərin yeni maliyyələşmə mexanizminə keçidi ilə bağlı açıq qalmış bir məsələni – büdcə hesabına təhsil alan doktorantların təhsil haqqının büdcədən ödənilməsi məsələsini də sizin nəzərinizə çatdırır və bu məsələnin həllinə Maliyyə Nazirliyindən köməklik göstərilməsini xahiş edirəm.
Sonda bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Azərbaycanın memarlıq abidələrinin – tariximizin canlı şahidləri, qədim mədəniyyətimizin əyani sübutu olan bu abidələrin qorunmasına və bərpasına daha çox vəsait ayrıl-malıdır. Onlarda aparılan işlər mütəxəssislər tərəfindən elmi bərpa qanunları və prinsipləri əsasında aparılmalıdır. Bunun üçün abidələrin tikinti materiallarını tədqiq edən laboratoriyalar, bərpa işləri üçün inşaat materialları istehsal edən xüsusi emalatxanalar yaradılmalıdır. Bütün bunlar ilk növbədə vəsait və mütəxəssis tələb edir.
Ölkəmizin günü-gündən müasirləşməsini, bütün sahələrdə beynəlxalq standartlara çatmaq əzmi ilə inkişaf etməsini nəzərə alaraq memarlıq irsimizi də müasir tələblərə uyğun qoruyub bərpa və istifadə etməliyik. Bu sahəyə hökumətimiz tərəfindən daha çox diqqət yetirilməsini vacib hesab edirəm.
Bir daha hökumətimizə büdcənin yerinə yetirilməsində və quruculuq fəaliyyətində uğurlar arzulayır və diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İsmayıl Hacıyev.
İ.Hacıyev. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Artıq ikinci gündür ki, 2015-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunur. Bu müzakirə zamanı hökumət üzvlərinin verdiyi məlumatlar və deputat həmkarlarımızın ayrı-ayrı nüanslar barədə qeydləri bir daha təsdiq edir ki, 2015-ci ilin dövlət büdcəsi Azərbaycan cəmiyyətinin reallıqlarına uyğun tərtib olunub və 2015-ci ildə görüləcək işlər düzgün proqnozlaşdırılıb. Dövlət büdcəsi elədir ki, cəmiyyətin bütün üzvləri bu büdcənin normal tərtib olunmasını və onun normal həyata keçirilməsini arzulayır. Lakin büdcənin ilk növbədə gəlirlərini formalaşdırmaq lazımdır.
10 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezi-denti cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticə-sində Azərbaycan Respublikası regionda lider dövlətə çev-rilmiş və dünyada sürətli inkişaf tempinə görə diqqəti cəlb eləyir. Təbii ki, büdcə öz-özünə formalaşmır, bilavasitə dövlət rəhbərinin və hökumət üzvlərinin yürütdüyü siyasətin nəticəsi olaraq formalaşır.
Büdcə layihəsi ilə tanış olarkən bir daha bu qənaətə gəlirik ki, 2015-ci il də uğurlu bir ilə çevriləcək və əvvəlki illərdə yaranan yaxşı ənənələr davam edəcəkdir. Büdcə layihəsində bir sıra sahələrin artımı nəzərdə tutulmuşdur. Bu belə də olmalıdır. Təbii ki, 2015-ci ildə 2014-cü ilin büdcəsi ilə fəaliyyət göstərmək olmaz. Ona görə də 2015-ci ildə müdafiə xərclərinin 8,6 faiz, təhsil xərclərinin 3,5 faiz, səhiyyə xərclərinin 7,2 faiz, mədəniyyət, incəsənət, infor-masiya və bədən tərbiyəsi xərclərinin 11,7 faiz, sənaye və tikinti xərclərinin 10,7 faiz artırılması nəzərdə tutulur. Bu çox yaxşı haldır. Deməli, cəmiyyətimizin inkişaf sürəti azalmayacaq, əksinə, bir qədər də artacaq.
Təbii ki, hər bir Azərbaycan vətəndaşı çox arzulayır ki, ölkəmizin ərazisi lazımi səviyyədə, yüksək səviyyədə qorunsun. Ona görə də, – müdafiə xərclərinin artırılması burada da qeyd olundu, – bu sahəyə bundan da artıq vəsait yönəldilməlidir.
Hər bir ölkənin xüsusi göstəricisi onun təhsili, səhiyyəsi, mədəniyyəti ilə müəyyən olunur. Bu istiqamətlərdə də vəsaitin artıq ayrılmasını təqdir edirik.
Lakin bu sözləri, – açıq etiraf edirəm, – elm haqqında demək olmaz. Mən şəxsiyyətinə böyük hörmət bəslədiyim Valeh müəllimin çıxışından təəssüf hissi keçirdim. Valeh müəllimin elm ilə bağlı mülahizələri qəbulolunmazdır. İstərdim ki, Valeh müəllim bu sözlərimi eşitsin. Deputat həmkarlarımızın yarısından çoxu elmi dərəcəsi və elmi adı olan adamlardır. Mən təəssüf edirəm ki, bəzən Azərbaycan hökumətinin üzvləri də elmə ayrılan vəsaiti düzgün müəyyənləşdirə bilmirlər.
Əlbəttə, bu bir həqiqətdir ki, ictimai-humanitar elm sahəsi büdcəyə bir manat da gəlir gətirmir. On illər, yüz illər bundan qabaq da gətirməyib, bu gün də gətirmir, bundan sonra da gətirməyəcək. Bəli, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası, Azərbaycan dilçiliyi və digər sahələr büdcəyə gəlir gətirmir. Amma onlar Azərbaycan xalqının dünyagörüşünün formalaşmasına, mədəni inkişafına xidmət edir.
Təbii ki, təbiət və texniki elmlər sahəsində əldə olunan müəyyən nailiyyətlər dövlət büdcəsinin formalaşmasına öz töhfəsini verə bilər. Elə Valeh müəllimin çalışdığı neft sənayesi də elmin gücünə bu səviyyəyə gəlib çatmışdır. Bir faktı göstərim. Məsələn, Fərman Salmanovun Tümendə apardığı axtarışlar on illər ərzində nəticəsiz qaldı. Lakin onun sonrakı axtarışları öz müsbət nəticəsini verdi və ölkə iqtisadiyyatının xeyli dərəcədə sürətli inkişafına səbəb oldu.
Bu gün bütün dünyada geoloji kəşfiyyat işləri, neftin çıxarılması, emalı, nəqli və satışı elmi prinsiplər əsasında aparılır. Burada dönə-dönə deyildi ki, Azərbaycan Respub-likasının dövlət büdcəsinin 10 milyard manatdan çox hissəsi yalnız neftdən gələn gəlirlər hesabına formalaşır. Neft isə bilavasitə elmin məhsuludur. Məhz elmin sayəsində dənizin o qədər dərin qatlarından neft çıxarılır.
2015-ci ilin dövlət büdcəsi ilə bağlı bircə faktı qeyd edim. Dövlət büdcəsində bütün müqayisələr 2014-cü illə aparılıb. Yalnız elmə aid göstəricilər 2013-cü ilin göstəriciləri ilə müqayisə edilib. Niyə? Ona görə ki, 2015-ci ildə elmə ayrılan vəsait fərəh doğurası deyil. 2014-cü ildə elmə ayrılan vəsait 146,8 milyon manat olmuşdursa, 2015-ci ildə 142,5 milyon manatdır. Buna görə də müqayisə aparıla bilməz. Aparılsa, mənzərə aydın olar.
İndi elm sahəsində çalışanların nəticəsi necə olub, ümu-miyyətlə, olub-olmayıb, bu başqa söhbətdir, amma faktiki Azərbaycan elmi var, Azərbaycan elmi dünya miqyasına çı-xıb. Heç kimi də günahlandırmaq olmaz ki, niyə Azərbaycan elmində bu vaxta kimi bir nəfər Nobel mükafatı laureatı yoxdur. Bu başqa söhbətdir.
Əlbəttə, Azərbaycan cəmiyyətində ölkə Prezidentinin də qeyd etdiyi kimi, elmin istehsalat ilə əlaqələri artırılmalıdır. Elm istehsalata xidmət edir və istehsalatın da nəticəsi Azərbaycan əhalisini yaşadır. Ancaq hər halda hökumət nəzərə alsın ki, elmə dövlət büdcəsindən ayrılan vəsait azdır. Konkret olaraq dörd sahəyə – Elmin İnkişaf Fonduna, latın qrafikası ilə kitabların çapına, elmi müəssisələrin təmirinə və avadanlıq alınmasına büdcədən 1,5 milyon manat az vəsait yönəldilib. Qeyd etdiyim kimi, 2015-ci ildə bütövlükdə elmə 5,8 milyon manat az vəsait ayrılıb. Büdcədə digər sahələrlə bağlı belə bir geriləməyə rast gəlməzsiniz.
Burada əhalinin mənzil problemi ilə bağlı qeyd və tək-liflər səsləndi. Çox yaxşı haldır ki, ipoteka krediti 10 milyon manat artırılıb, 50 milyon manat nəzərdə tutulub. Amma ortaya sual çıxır: Akademiyada işləyən əməkdaşlardan kim ipoteka kreditindən faydalana bilər? Heç kim! Çünki elmi işçilərin heç biri ipotekanın müəyyən etdiyi şərtlərə uyğun gəlmir. Elmə yeni gələn gənclərin evi yoxdur. Yeni ailə qurur və doktorant kimi fəaliyyət göstərir. Aldığı maaşla elmə nə fayda verə bilər? Təbii ki, bizim gözlədiyimiz faydanı verə bilməyəcək. Ona görə də belə insanların mənzil problemi ilə əlaqədar dövlət proqramı qəbul olunmalıdır. Belə adamlar üçün sosial güzəştlər olmalıdır. Çünki onlar ipoteka ilə mənzil ala bilməyəcəklər.
Ölkəmizdə narahatlıq doğuran problemlərdən biri də kənd yerlərində məşğulluq problemidir. Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi ilə iş yerlərinin yaradılması sahəsində də çox uğurlu nəticələr əldə olunub. Son illərdə, bilirsiniz ki, ölkədə 1 milyon 300 min, Naxçıvan Muxtar Respublikasında 60 min iş yeri açılıb. Amma bu gün məhz kənd yerlərində, iri kəndlərdə əhalinin məşğulluğu üçün nə isə fikirləşmək lazımdır. Bəzən şikayətlənirik ki, Bakıda böyük tıxaclar yaranır. Amma bu tıxaclar ona görə yaranır ki, kənd yerlərində iş yerləri yoxdur, əhali şəhərə axışır. Təbii ki, kəndlərdə iş yeri olsaydı, həmin əhali Bakıya axışmazdı və orada işlə təmin olunardı.
Burada ali məktəblərlə bağlı məsələlərə toxunuldu. Bey-nəlxalq standartlara görə 500 min əhaliyə 1 ali məktəb dü-şür. Azərbaycanda 10 milyona yaxın əhali vardır və indiki şəraitdə ali məktəblərin əhali ilə proporsiyası düzdür. Lakin hər rayonda ali məktəbin filialını açmaq yolverilməzdir. Ona görə ki, bu filialların nə maddi-texniki bazası, nə də kadr hazırlığı ilə məşğul olan professor-müəllim heyətinin səviyyəsi buna imkan verir. Dövlət siyasəti olaraq artıq bəzi ali məktəblərin regionlara köçürülməsi söhbəti gedir. Elə bilirəm ki, gələcəkdə bunun nəzərə alınması yaxşı olardı.
Digər məsələlər də var, vaxtın azlığından onlara toxuna bilmirəm. Amma mən də dövlət büdcəsinin çox yüksək səviyyədə hazırlandığını təqdir edir, elə bilirəm ki, hər bir deputat dövlət büdcəsinə səs verməkdə səhv etməyəcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, cənab Sədr. Hör-mətli həmkarlarım, hörmətli hökumət üzvləri! Mən də für-sətdən istifadə edərək belə bir dövlət büdcəsi layihəsinin hazırlanmasına görə möhtərəm Prezidentimizə və bütövlük-də hökumətimizə öz təşəkkürümü bildirirəm. Bu gün bey-nəlxalq aləmdə gedən prosesləri izlədikcə, dünyada istər siyasi, istər humanitar, istərsə də iqtisadi sahədə baş verən böhranları gördükcə adam bir anlıq fikirləşir ki, bəlkə biz bu dünyada yaşamırıq. Çünki ölkəmizdə böyük quruculuq işlərinin, beynəlxalq səviyyəli nəhəng layihələrin həyata keçirilməsini gördükcə bir azərbaycanlı kimi, bu ölkənin vətəndaşı kimi fəxr edirik.
Bu yaxınlarda Avstraliyanın Brisben şəhərində “Böyük 20-lər”in sammitində də Böyük Britaniyanın, Almaniyanın və bir çox digər ölkələrin baş nazirləri öz çıxışlarında bir daha qeyd etdilər ki, qarşıda iqtisadi böhran gözlənilir. Baxmayaraq ki, 2009-cu ilin iqtisadi böhranı hələ tamamlanmayıb.
Dünən çox hörmətli maliyyə nazirinin, iqtisadiyyat və sənaye naziri müavininin, Hesablama Palatası sədrinin, Mərkəzi Bankın rəhbərinin, eləcə də Ziyad Səmədzadənin çıxışlarında bir daha gördük ki, dünyada iqtisadi böhranın getdikcə dərinləşməsinə baxmayaraq, 2015-ci ildə ölkəmiz-də nə pulun qiymətdən düşməsi, nə də sərmayə qoyuluşunda bir problem gözlənilir. Əksinə, biz bu gün başladığımız, gələcəkdə başlayacağımız layihələrin uğurla həyata keçiriləcəyinə əminik.
Hər bir Azərbaycan vətəndaşı fəxr eləyə bilər ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bununla bərabər, Azərbaycanda çox bö-yük, qlobal səviyyəli tədbirlər həyata keçirilir ki, bu da bizim başucalığıdır.
Burada hörmətli Siyavuş müəllim çox gözəl vurğuladı, biz Azərbaycanı Ermənistanla heç cür müqayisə eləyə bil-mərik. Amma mən Siyavuş müəllimin “Azərbaycan bəlkə də Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər” fikrinə də öz etirazımı bildirirəm. Rusiya təkcə Moskva və Peterburqdan ibarət deyil. Rusiyanın ucqarları nə gündədir, hamımız bilirik. Eləcə də Qazaxıstanda bölgələrin inkişafı Azərbaycan bölgələrinin inkişafı ilə müqayisə olunası deyil. Bu gün Azərbaycan, həqiqətən, Siyavuş müəllimin dediyi kimi, Avropa Birliyinə daxil olan ölkələrlə, xüsusilə də Mərkəzi Avropa və Baltikyanı ölkələr ilə müqayisə oluna bilər.
Azərbaycan təkcə müdafiə xərclərinə ayrılan büdcə ilə fəxr etməməlidir. Bizim bütün sahələrdə tarazlı inkişafımız gedir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanına milyardlarla vəsait qoyulub. İngiltərədən Yaponiyaya qədər İpək Yolu ölkələri bu limanın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər. Çünki bu limanın köməyi ilə yükdaşımalarda ən ucuz yoldan istifadə olunacaqdır. Azərbaycanda infrastruktura ayrılan büdcə heç də müdafiə xərclərindən az deyil. İstər səhiyyə, istərsə də təhsil sahəsində Azərbaycan çox böyük uğurlara imza atmışdır və biz bununla da fəxr edirik. Bütün sahələrdə inkişaf göz qabağındadır.
Biz 2013, 2014-cü illərin büdcə layihələrini müzakirə edərkən də bu işlərin şahidi olduq. Ona görə də indi bizim üçün 2015-ci ilin büdcə zərfindən danışmaq çox asandır. Amma eyni zamanda, həm də çətindir, çünki vaxt məh-dudiyyəti imkan vermir ki, biz öz çıxışımızda möhtərəm Prezidentimizin gərgin əməyi nəticəsində həyata keçirilən qlobal səviyyəli işləri layiqincə qeyd edək.
Ulu öndərimiz demişdir: “İqtisadiyyatı güclü olan dövlət güclü olar”. Bəli, biz bu gün buna nail olmuşuq. Prezident seçkiləri zamanı şüarımız “güclü dövlət, güclü lider” idi. Bu gün güclü liderin xarizmasının nəticələri göz qabağındadır. Bu gün güclü liderimiz gecəsini gündüzünə qataraq Azərbaycanın tərəqqisi, daha gözəl gələcəyi üçün çalışır. O, demək olar ki, bir gün Bakıda, bir gün bölgələrdədir. Dünyada çox az prezident göstərmək olar ki, bölgələrdə bu qədər səfərlərdə olsun, xalqın içərisində olsun.
Mən Şəmkirdən seçilmişəm. Şəmkir artıq Avropanın – Almaniyanın, Avstriyanın bölgələri ilə yarışa çıxa biləcək səviyyədədir. Eləcə də Lənkəran olsun, Xaçmaz olsun, Qə-bələ olsun, digər bölgələr olsun. Bütün bunlar bizi bugünkü büdcə zərfi ilə bağlı xoş sözlər deməyə və nikbin əhvali-ruhiyyəni səsləndirməyə sövq edir.
Mən bu büdcə paketinin səviyyəli təqdimatına və nikbin əhvali-ruhiyyə yaratdığına görə hökumətin hər bir üzvünə öz təşəkkürümü bildirirəm. Xahiş edərdim ki, 2015-ci il büdcə paketinin ən azı təqdimat hissəsi televiziyada səsləndirilsin. Ona görə ki, televiziyada çox qısa xülasə verilir və insanlar hətta bu cür vacib hadisələri belə yetərincə izləyə bilmirlər. Özü də büdcə ancaq mütəxəssislərin, ekspertlərin deyil, hər kəsin başa düşəcəyi, anlaya biləcəyi populyar dildə təqdim olundu. Ona görə 2015-ci il büdcə paketinin hökumət üzvləri tərəfindən təqdimatı televiziya vasitəsilə verilərsə, bu, vətəndaşlarımızın bu barədə daha yaxşı məlumatlan-dırılmasına və onlarda nikbinliyin, sabaha olan inamın daha da artmasına səbəb olar.
Mən bəzi təkliflərimi də səsləndirmək istəyirəm. Bu gün Azərbaycanın ən ağrılı-acılı problemi Qarabağ problemidir. Dövlətimiz gecə-gündüz çalışır ki, Dağlıq Qarabağ proble-mini tezliklə həll edək və işğalda olan torpaqlarımız işğalçı Ermənistan ordusundan azad olunsun. Bu istiqamətdə aparılan işlər arasında Xocalı faciəsinin dünya miqyasında tanıdılması xüsusi yer tutur. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması üçün istər dövlətimizin başçısı, istər Heydər Əliyev Fondu, istərsə də parlament, Oqtay müəllim, Sizin rəhbərliyinizlə çox böyük işlər görübdür.
Xocalıdan 25 gənc var ki, hər iki valideynini Xocalı faciəsində itiribdir. Hazırda onlardan 9-u mənzillə təmin olunubdur. Amma qalan 15–16 nəfərinin də mənzilə böyük ehtiyacı vardır. Onlar kiçik yaşlarından onun-bunun yanında qaldıqlarına görə dövlətimizin şəhid ailələrinin uşaqları üçün müəyyən etdiyi imtiyazlardan yetərincə yararlanmayıblar. Mən xüsusilə burada çox hörmətli Səlim Müslümovun iştirakından istifadə edərək xahiş edərdim ki, müharibə iştirakçıları, şəhid ailələri, Qarabağ veteranları üçün nəzərdə tutulmuş evlərin ilk təqdimatında Xocalıdan olan bu 15–16 nəfərin də mənzil problemi həll olunsun.
Mən seçildiyim Şəmkir rayonunda həllini gözləyən bir neçə problemi diqqətə çatdırmaq istərdim. Biz əminik ki, onlar da bu yaxınlarda öz həllini tapacaq. Ona görə ki, möhtərəm Prezidentimiz hər dəfə Şəmkirə gələndə Şəmkiri qonşu ölkələrin, eləcə də Avropanın bir sıra ölkələrinin paytaxtlarına bənzədir. Bu, reallıqda da belədir. Biz xahiş edirik ki, Şəmkir rayon xəstəxanasının tikintisi tezliklə başlansın.
Şəmkirin ucqar kəndlərində yaşayanların əksəriyyəti Er-mənistandan və Qarabağın müxtəlif rayonlarından didərgin düşmüş soydaşlarımızdır. O kəndlərin yolları çox acınacaqlı vəziyyətdədir. Bu yaxınlarda möhtərəm Prezidentimiz kənd yollarının infrastrukturu ilə bağlı böyük dövlət proqramının həyata keçiriləcəyini xalqa bildirdi. Amma bu proqram həyata keçirilərkən ilk növbədə sərhədə yaxın kəndlərin yollarının infrastrukturu nəzərə alınsaydı, daha yaxşı olardı.
Mən bankomatlarla bağlı bir məsələyə də toxunmaq istərdim. Mənim seçildiyim bölgə dağ bölgəsidir. Təbii ki, ölkəmizdə minlərlə kənd var və hər kənddə də bankomat qoymaq əlverişli deyil. Amma heç olmasa, rayon mərkəzin-dən çox uzaqda olan dağ kəndlərində...
Sədrlik edən. Aydın oldu, Məlahət xanım. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən də həmkarlarım kimi qeyd etmək istəyirəm ki, builki büdcə də keçənilki büdcəyə uyğun olaraq daha çox sosialyönlüdür. Büdcədə xərclərin təxminən 27,6 faizi sosial məqsədlər üçün ayrılıb və bu, bütün xərclərin təxminən 30 faizinə bərabərdir. Bunu inkar etmək olmaz ki, bu büdcə də sosialyönlüdür və insanların rifahına daha çox xidmət edəcək bir büdcədir. Bəzi həmkarlarım mənə qədər artıq mənim demək istədiyim fikirlərin çoxunu qeyd elədilər. Ona görə təkrarçılığa varmayacağam və çalışacağam ki, olduqca qısa danışım.
Qeyri-hökumət təşkilatının nümayəndəsi kimi, təbii ki, cənab Sədr, Sizin və həmkarlarımızın mövqeyini dəstək-ləyirəm. Bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Bəzi məqam-ları qeyd etmək istəyirəm. Sonra bir təklifimi səsləndirə-cəyəm. Mən bu təklifi yazılı şəkildə maliyyə naziri Samir müəllimə artıq ayın 11-də ünvanlamışam. Onu bir daha burada vurğulayacağam. Birincisi, çox istərdim ki, dövlət büdcəsində səhiyyə üçün nəzərdə tutulmuş xərclərlə bərabər həm də şəhər və rayonların yerli xərclərində nəzərdə tutulmuş dərman, sarğı, digər tibb ləvazimatları və materiallarının alınması üçün büdcədən ayrılan 209,3 milyon manat pulun xərclənməsi mərkəzləşdirildiyi üçün hörmətli səhiyyə naziri bu məsələdə xüsusilə diqqətli olsun. Çünki bu sahədə olduqca qeyri-qənaətbəxş bir hal hökm sürür. Yerlərdə fəaliyyət göstərən xəstəxanalarda bu məsələ üçün dövlətdən vəsait ayrılsa da, xəstələrdən öz hesabına bu materialların alınması tələb olunur. İndi bu sahə mərkəzləşdirildiyi üçün ümid edirik ki, gələcəkdə Səhiyyə Nazirliyi bu məsələdə olduqca diqqətli olacaqdır.
Məni bir şey narahat edir. Büdcənin mədəniyyət və incə-sənət, eyni zamanda, bədən tərbiyəsi və digər kateqoriyalar üçün ayrılan xərclər bölümündə görürük ki, teatr və konsert müəssisələrinin yaranmış zərərinin ödənilməsi üçün dövlət tərəfindən 15,1 milyon manat pul ayrılır. Mən komitə icla-sında da dedim, bu 15 milyon manat az pul deyil. Bu pulla biz İpoteka Fondunu artıra bilərik. Bu pulla Dövlət Mənzil Fondu yaradaraq Azərbaycanda mənzilə ehtiyacı olan insanlar üçün dövlət xətti ilə xeyli sayda mənzil tikib vermək olar. Əgər bu sahələr gəlirli deyilsə və dövlət ilbəil 15 milyon manat artırmaqla bu sahələri saxlamağa çalışırsa, bəlkə bu sahələr özəlləşdirilsin, satışa çıxarılsın və bura ayrılacaq pullar daha önəmli bir sahəyə xərclənsin?
Mən fürsətdən istifadə edərək onu da qeyd etmək istəyi-rəm ki, Dövlət Mənzil Fondunun yaradılması təşəbbüsündə olan həmkarlarımı dəstəkləyirəm. Dövlət bu vəzifəni öz üzərinə götürərsə, şəhərin ətrafında boş sahələrdə çox az maya dəyəri ilə bu fond üçün mənzillər tikib ehtiyacı olan gənc ailələrə, ümumiyyətlə, uzun müddətdir ailə həyatı qu-rub lakin mənzil ala bilməyən insanlara vermək olar. Bunu hətta çox güzəştli kreditlərlə təşkil etmək olar. Mən hesab edirəm ki, bu gün cəmiyyətdə baş verən müəyyən qanuna-zidd hərəkətlərin, cinayətkarlığın artmasının da səbəblərin-dən biri insanların, bax, bu sosial problemlərinin olmasıdır. Mənzilinin, normal yaşayış şəraitinin olmaması onların bəzilərini küçələrə düşməyə və cinayət etməyə təhrik eləyir.
Mən xüsusilə bir məqamı qeyd etmək istəyirəm. Hüquq mühafizə və prokurorluq orqanlarına 2014-cü ildəkinə nis-bətən 1,1 faiz az vəsait ayrılıb. Amma nəzərə alsaq ki, hüquq mühafizə orqanları dövlətin ictimai-siyasi həyatında və cəmiyyətin sabitliyində çox mühüm rollardan birini oynayır, bu sahəyə diqqət bir az artırılmalıdır. Mən demirəm, ümumilikdə polisin və ya prokurorluğun ştat vahidləri artırılsın. Amma elə məqamlar var ki, buna xüsusi diqqət yetirmək lazımdır. Bu nədir?
Bu gün Bakı şəhərinin Baş Polis İdarəsində və Bakı şəhərinin polis idarələrində 18–20 nəfərə yaxın müstəntiq var. Hər bir müstəntiqin icraatında bu gün 25-ə yaxın cina-yət işi və materialının olduğu nəzərə alınarsa, görün, bir po-lis idarəsində bu işlərin və materialların sayı nə qədərdir. Bir müstəntiq nə qədər savadı olsa belə, fiziki imkanı olmayacaq ki, öhdəsində olan işi tam araşdırsın. Buna görə də istintaq işlərinin əsassız dayandırılması halları olur. Nəzərə alın ki, polis idarələrindən başqa, polis şöbələrində də təhqiqatçılar var və onların da üzərində 10–15 material var. Ümumilikdə bir rayonda təhqiqat və istintaqda minlərlə material olur. 15 nəfər bunun istintaqını necə aparsın? Bu baxımdan mən təklif edirəm ki, bu sahəyə diqqət yetirilsin.
Eyni zamanda, bir şeyi də qeyd eləyim ki, prokurorluqda daxili işlər orqanlarında istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətinə, qanunların icrasına nəzarət edən bir qurum var. Bu qurumda Bakının hər rayonuna bir prokuror nəzarət edir. 16–18 müstəntiqin hərəsinin icraatında 20–25 iş varsa, deməli, bu sahəyə nəzarət eləyən hər bir prokurorluq işçisi təxminən 400–500 işə nəzarət eləyir. Burada keyfiyyətdən söhbət gedə bilməz. Belə olanda da görürsən, ayrı-ayrı hallarda müəyyən problemlər yaranır, şikayətlər olur. Baxırsan ki, bunun olduqca obyektiv səbəbləri var. Bəzən bu müstəntiqlər hətta şənbə günü də, bazar günü də, bəzən gecələr də işləməyə məcbur olurlar. Bunun təkcə hüquqi yox, həm də sosial problemlər yaratdığını nəzərə alın.
Mən ayın 11-də hörmətli nazirimiz Samir müəllimə bu təklifimi məktubla göndərmişəm. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır. Çünki burada insan haqlarının pozul-masının bir faktı belə olarsa, bu da çoxdur. Bu baxımdan mən belə hesab edirəm ki, digər sahələrdən müəyyən pulların ayrılaraq bu sahəyə yönəldilməsi vacibdir. Bu edilərsə, bizim istintaq və təhqiqatımızın və buna nəzarət edən qurumlarımızın işi qat-qat yaxşılaşmış olar. Bir daha deyirəm, əgər bir müstəntiqin icraatında 20–25 cinayət işi və materialı varsa, burada obyektivlikdən söhbət belə gedə bilməz.
Mən bir şeyi də hörmətli nazirlərimizin diqqətinə çatdır-maq istəyirəm. Biz əmək qanunvericiliyi ilə bağlı təkliflər verir, qanunlara əmək qanunvericiliyinin pozulmasına görə cəzaların tətbiqi ilə bağlı dəyişikliklər edirik. Bu qanun po-zuntularının çoxu özəl sektorda baş verir. Amma bu gün bizim dövlət qurumlarında, xüsusilə bəzi nazirliklərimizdə əmək qanunvericiliyimizin tələbləri pozulur. Nazirlikdə çalışan insanların böyük əksəriyyəti şənbə günləri də işə çıxmağa, bəzən iş günləri axşam saat 9–10-a qədər işdə qalmağa məcbur olurlar. Bu da müəyyən sosial fəsadlara gətirib çıxarır.
Mən indi Baş nazirimizi təmsil eləyən şəxslərin də burada olmasından istifadə edirəm. Bəlkə bu sahədə də bir balaca yumşaqlıq eləyək, bu insanlar asudə vaxtlarından normal istifadə eləyə bilsinlər. Evlərində problem olmasın. Əslində, biz vaxtından artıq işləməyə görə onlara əmək haqqı vermir, amma onları işə çıxmağa məcbur edirik. Bu çox ciddi fəsadlar törədir. Böyük söz-söhbətlər gedir. Müzakirə predmetidir. Ona görə cənab nazirlər, sizdən xahiş edirəm, tabeliyinizdə olan insanları başa düşün. Onların böyük əksəriyyəti gənc və orta nəslin nümayəndələridir. Ailələri var, valideynləri var, qonaq getmək, qonaq qəbul eləmək istəyirlər. Saat 6-dan sonra buraxın, insanlar getsin evlərində öz şəxsi işləri ilə məşğul ola bilsinlər.
Mən hamınıza, bu büdcənin hazırlanmasında iştirak etmiş bütün iqtisadçılara, başda Samir müəllim, İqtisadi İnkişaf Nazirliyi, Milli Bank olmaqla hamıya təşəkkür edirəm. Belə hesab edirəm ki, bu büdcə sosialyönlü olduğu və insanların rifahına xidmət etdiyi üçün bunu qəbul etmək lazımdır. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov. Hazırlaşsın İlham Məmmədov.
R.Məmmədhəsənov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hökumət üzvləri! 2015-ci ilin dövlət büdcəsinə fikir verdikdə görürük ki, büdcədə sosialyönlü xərclərin xüsusi çəkisi 27,6 faizdir. Bu da 2014-cü illə müqayisədə 1,1 faiz, 2013-cü illə müqayisədə isə 18,8 faiz çoxdur. Elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, informasiya, bədən tərbiyəsi və digər sahələrə 2014-cü illə müqayisədə 2,2 faiz, 2013-cü illə müqayisədə isə 19,5 faiz çox vəsait ayrılmışdır. Bütövlükdə götürəndə hər ikisi birlikdə təxminən 52 faiz eləyir. Elə bu da büdcənin sosialyönlü olduğuna daha bir sübutdur.
2015-ci ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin təxminən 200 milyon manatı dövlət proqramlarının icrasına yönəldilmişdir. Mən elə bir MDB ölkəsi tanımıram ki, döv-lət proqramları dövlət tərəfindən bu qədər maliyyələşdirilsin. Xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya, şəkərli diabet… Bunların hamısını sadalamağa dəyməz. Dövlət cəmiyyətin, xəstə insanların hamısının qayğısını öz üzərinə götürüb. Bu da ölkə Prezidentinin ölkə əhalisinə olan qayğısının təzahürüdür. Yeni-yeni xəstəxanalar, klinikalar, klinik-diaqnostik mərkəzlər tikilir. Bunlar hamısı səhiyyənin inkişafının göstəriciləridir.
Azərbaycan 20–22 yaşı olan cavan dövlətdir. Onu 200–250 il tarixi olan dövlətlərlə, bizim səhiyyəni, təhsili onların səhiyyəsi, təhsili ilə müqayisə eləmək, mənə elə gəlir, düz deyil. Hər halda bizim səhiyyədə də, təhsildə də əhəmiyyətli inkişaf var. Amma bizim Avropa və ya Amerika səviyyəsinə çatmağımız üçün zamana ehtiyac var. Bunların hamısını nəzərə almaq lazımdır.
Mən keçən dəfə çıxışımda qeyd elədim ki, hərbi hissə-lərdə olmuş, hərbçilərlə görüşmüşəm. O hərbçilərin hamısının bir xahişi var idi ki, bizim televiziya kanallarında hərbi vətənpərvərlik mövzularına daha çox yer verilsin. Şou proqramlar, nə bilim, xörəkbişirmələr və sair efir vaxtının xeyli hissəsini zəbt eləyib, amma vətənpərvərlik mövzusunda, demək olar ki, bir şey yoxdur. Azərbaycan müharibə şəraitində olan ölkədir. Mənə elə gəlir ki, ekranlarımızda hərbi vətənpərvərlik mövzusunda verilişlər daha çox olmalıdır.
Hərbiyə ayrılan vəsait, hamınız bilirsiniz ki, kifayət miq-dardadır. Erməni kimi qonşusu, murdar bir düşməni olan dövlət, əlbəttə, güclənməli, qüdrətlənməlidir. Mən hesab edirəm, hərbiyə ayrılan vəsait, – həmkarım Yevda Abramov da dedi, – bundan da artıq olmalıdır. Erməni bizim gücümü-zü, qüdrətimizi bilməli, ondan sonra yerində oturmalıdır.
Məndən qabaq çıxış eləyən millət vəkilləri həkimlərin, müəllimlərin maaşlarının azlığından gileyləndilər. Mən də bu çıxışlara qoşuluram. Həkimlərin, müəllimlərin maaşı, doğrudan da, azdır. Bunlara fikir vermək, buna bir əncam çəkmək lazımdır.
Həmkarım İsmayıl Hacıyevin elm islahatları barəsində dediyi təklifləri də bölüşürəm. Onunla razıyam. Bu barədə çox danışmaq olar. Amma dahi şairimiz Nizami deyir ki, insanın həqiqəti deməkdən başqa məqsədi yoxdursa, ona iki-üç cümlə də kifayət edər.
Büdcə sənədi sanballı hazırlanmışdır, sosialyönlüdür, in-vestisiya tutumludur. Ona görə də, başda Samir müəllim olmaqla bu büdcə sənədini hazırlayanların hamısına təşək-kür edirəm. Mən büdcə layihəsinə səs verəcəyəm. Diqqəti-nizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov. Hazırlaşsın Tahir Rzayev.
İ.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Artıq yeni ilin büdcə layihəsi və inkişaf konsepsiyasının detalları hamınıza məlumdur. İki gündür Milli Məclisdə dövlət büdcəsinin müzakirələri davam edir.
Büdcə ilə tanışlığımız bizi bir daha əmin etdi ki, xərclərin investisiya və sosial yönlüyünə üstünlük verməklə sosial siyasətin ardıcıl həyata keçirilməsini davam etdirmək və sosial öhdəlikləri yerinə yetirmək növbəti ilin də büdcəsinin əsas prioritetidir. Burada, hər il olduğu kimi, yenə də növbəti ilin dövlət büdcəsi zərfinə daxil olan layihələrin peşəkarlıqla hazırlandığı barədə fikirlər səsləndi. Mən də deputat həmkarlarımın bu fikrinə şərikəm və öz arqumentlərimi qısaca olaraq çatdırmaq istəyirəm.
2015-ci ilin dövlət büdcəsi layihəsinin tərtibində şəffaflığın, səmərəliliyin və ünvanlılığın artırılması əsas meyar kimi götürülmüşdür. Ancaq mən bu büdcə layihəsinin tərtibi ilə məşğul olan, onun əziyyətini çəkən və mükəmməl bir sənəd olaraq Milli Məclisin müzakirəsinə təqdim edən Maliyyə Nazirliyinin, şəxsən hörmətli nazirimiz Samir müəllimin və onun rəhbərlik etdiyi kollektivin əziyyətini başqa bir kontekstdə qeyd etmək istəyirəm.
Bu gün dünyada baş verən siyasi proseslər qloballaşan iqtisadiyyata o qədər sürətlə təsir edir ki, artıq dünya iqtisadiyyatı siyasi proseslərdən asılı vəziyyətə düşmüşdür. Bununla bağlı risk amillərini əvvəlki illərdə də görür və büdcənin tərtibində nəzərə alırdıq. Lakin bu gün siyasi proseslər iqtisadiyyatı elə üstələmişdir ki, artıq dünyanın nüfuzlu beynəlxalq iqtisadi qurumları belə proqnoz verməkdən çəkinirlər. Hər gün eşidirik ki, haradasa yeni bir münaqişə ocağı yaranır. Neftin qiyməti bununla əlaqəli düşür, qalxır.
Əlbəttə, Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi olduqca həssas bir məqamdır. Belə bir şəraitdə büdcəni tərtib etmək, əlbəttə, böyük əmək, risk, dərin elmi təhlil tələb edir. Eyni zamanda, möhtərəm Prezidentimiz cə-nab İlham Əliyevin siyasətinin əsas prioriteti olan insanların rifah halının yaxşılaşdırılması və dövlətimizin qüdrətlənməsi bu büdcədə əsas amil kimi götürülmüş və mən hesab edirəm ki, bu məqsədə nail olunmuşdur.
Hörmətli millət vəkilləri, dünyada baş verən iqtisadi, si-yasi kataklizmlərə baxmayaraq, ulu öndərimiz Heydər Əli-yevin Azərbaycan dövlətinin, onun xalqının xoşbəxt və firavan yaşaması üçün müəyyənləşdirdiyi neft strategiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla inkişaf etdirilməsinin nəticəsidir ki, ölkəmizin bundan sonrakı dinamik və dayanıqlı inkişafı təmin olunubdur. Bu gün ümumi daxili məhsulun 74 faizi həcmində, 54 milyard manat strateji valyuta ehtiyatlarımız var. Xarici borc ümumi daxili məhsulun 8 faizi həcmindədir ki, bu da iqtisadçılar tərəfindən çox aşağı göstərici kimi qiymətləndirilir.
Mərkəzi Bankın sədri hörmətli Elman müəllim dünənki çıxışında qeyd etdi ki, 3 il ərzində ixracat olmasa belə, tək idxalla bu ölkənin firavan saxlanılması üçün bizim ehtiyat-larımız var. Əlbəttə, bu bəyanat özü də ölkəmizin gücünü, qüdrətini nümayiş etdirir. Təbii ki, infrastruktur layihələri gələcəkdə büdcənin neftdən asılılığının aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2015-ci ilin büdcə zərfində nəhəng infrastruktur layihələri də yer alıb.
Bir məqamı da nəzərinizə çatdırım. Bu gün neftdən asılı-lığın aradan qaldırılması üçün regionların özündə qurulan infrastrukturlar köməyə çatır. Bu il biz artıq büdcədən ayrılan dotasiyaların azalması və rayonların yerli gəlirlərinin artmasını görürük. Bu tendensiyanın ildən-ilə davam etməsi möhtərəm Prezidentimizın apardığı iqtisadi siyasətin, yəni bundan əvvəlki illərdə həyata keçirilən investisiya layihələrinin doğru olduğunu bir daha sübut edir. Hesab edirəm ki, bu, növbəti illərdə də davam edəcəkdir.
Təbii ki, qeyri-neft sektorunun inkişafı və bu gün danışılan siyasi proseslərin iqtisadiyyata təsir etməməsi üçün çox nəhəng işlər görülübdür. Bunun da hamısının müəllifi, demək olar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
Biz cənab Prezidentin regionlara səfərləri ilə televiziyada tanış oluruq. Keçən ay cənab Prezidentin Gəncəyə səfəri zamanı Gəncədə vaqon istehsalı zavodunun təməli qoyuldu. Ondan bir qədər keçməmiş cənab Prezident məcburi köçkünlər və qaçqınlar üçün çox mükəmməl infrastrukturu olan şəhərciyin, 2–3 gün bundan əvvəl isə müstəqillik illərinin ən iri infrastruktur layihəsi olan Şəmkirçay su anbarı, su-elektrik stansiyası və magistral suvarma kanallarından ibarət vahid kompleksin açılışında iştirak etdi. Cənab Prezident qeyd etdi ki, bu layihə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün əvəzolunmaz bir töhfədir. Bunun nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 54 min hektar torpağın suvarılması yaxşılaşacaq və suvarılan torpaqların sahəsi daha 17 min hektar artacaqdır. Gəncə, Şəmkir, Samux və Göygölün bir çox yaşayış məntəqələrinin içməli su təminatı yaxşılaşacaqdır. Möhtərəm Prezidentimizin Şəmkirə səfəri çərçivəsində regionda nəhəng aqroparkın da təməli qoyuldu. Bu, gələcəkdə ixrac qabiliyyətinə malik olan kənd təsərrüfatı istehsalına şərait yaradacaqdır.
Dünənki çıxışlarda da hörmətli millət vəkillərimiz Azər-baycanın ixrac qabiliyyətinə malik məhsulları arasında kənd təsərrüfatı məhsullarını xüsusilə qeyd etdilər. Deməli, qeyri-neft sektorunun inkişafına bu özü bir töhfə olacaqdır. Şəmkirçay su anbarına 700 milyon manat vəsait qoyulmuş-dur. Meliorasiya, kənd təsərrüfatının inkişafı, enerji təhlükəsizliyi, içməli su, yəni insanların sağlamlığı – budur bir layihədə cəmləşən amillər.
Hörmətli millət vəkilləri, məncə, bu il büdcədə bütün sa-hələr üzrə vəsait kifayət qədər ayrılmışdır və səhiyyə bölməsinə də mənim heç bir iradım yoxdur. Burada Rafiq müəllim də qeyd etdi ki, 12 dövlət proqramının maliyyələşdirilməsi özü çox böyük bir işdir. Doğrudan da, bu, millətə, xalqa, dövlətə müqayisəyəgəlməz bir xidmətdir.
Ancaq burada bir təklifim var, Samir müəllim. Büdcədə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə keçənilkindən 4 faiz az vəsait nəzərdə tutulubdur. Bu vəsaiti bəlkə öz yerinə qaytaraq? Hesab edirəm ki, bu gün o vəsaitlər böyrək köçürülməsi üçün tələb olunacaq. Artıq ölkəmizdə böyrək transplantasiyası həyata keçirilir. Məlumdur ki, böyrək çatışmazlığından əziyyət çəkən insan ömrünün axırına kimi dializdə olmalıdır, ancaq bu gün şərait var ki, belə xəstələrə böyrək köçürülməsi həyata keçirilsin.
Mənim bir təklifim də var. Bu təklifi məndən qabaq hörmətli millət vəkilimiz Elmira xanım səsləndirdi. Doğrudan da, gənc kadrları maddi baxımdan stimullaşdırmaqla kənd yerlərində kadr çatışmazlığı problemini həll etmək olar. Bu gün Səhiyyə Nazirliyi tərəfindən rayonlara təyinatlar verilir. Ancaq hesab edirəm ki, kənd yerlərində təminat yaxşı olarsa, ora təyinatla gedən insanların da sayı çox olar.
Mən ölkəmizin növbəti il büdcəsinə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, deputat həmkarlarım! Bu günlər-də işğal altında olan Qarabağ torpaqlarında təxribat törədib təmas xəttini pozan erməni helikopteri sərrast və güclü atəşlə məhv edildi. İnamla açılan bu atəş göstərdi ki, Azərbaycan artıq hədəfi düzgün vura bilir, düşmənə gücünü göstərməyə qadirdir. Bu güc və inam, sözsüz ki, ulu öndərimiz Heydər Əliyevin ideyalarından, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdən qaynaqlanıb.
Azərbaycan indi hər bir hədəfi vurmağa qadirdir. Beynəlxalq aləmdə qazandığımız nailiyyətlər, ölkəmizin sosial-iqtisadi inkişafı, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşması, gələcəyə hesablanmış çox qiymətli layihələrin həyata keçirilməsi, işsizliyin, yoxsulluğun səviyyəsinin aşağı düşməsi, ən əsas da Azərbaycanın dünyada azad, demokratik, müstəqil siyasət yeridən bir dövlət kimi tanınması bunu deməyə əsas verir.
Əldə olunan göstəricilər 2015-ci ilin dövlət büdcəsi zər-fində aydın əks olunub. Həmkarlarımızın çıxışlarında nailiyyətlərimiz haqlı olaraq iqtisadiyyatımızın uğurlarının, büdcəmizin düzgün formalaşmasının nəticəsi kimi təqdim edilir. Dövlət büdcəsinə münasibət xalqa, vətənə, iqtisadiy-yatımızın inkişafına, beynəlxalq nüfuzumuza, müstəqil siyasətimizə, azadlığımıza münasibətdir. Bu münasibət ilk növbədə torpaqlarımızın azğın düşməndən təmizlənməsinə inancdır.
Bu gün dünyada Azərbaycandakı qədər ərazisində mək-təb, xəstəxana binası tikilən, yollar, körpülər salınan, regionları mədəniləşən, idman meydançaları inşa edilən, beynəlxalq tədbirlər keçirilən bir ölkə çox azdır. Sözsüz ki, bütün bunlar iqtisadiyyatımızın inkişafı, büdcəmizin artması ilə əlaqədardır. Buna görə də mən 2015-ci ilin büdcə zərfini qiymətli, əhəmiyyətli sənəd hesab edirəm və ona səs verəcəyəm.
Ancaq məni narahat edən bəzi məsələlərə münasibət də bildirmək istərdim. Təhsil gələcək inkişafımızın əsasıdır. Azərbaycan cəmiyyəti üçün elmli, savadlı, layiqli vətəndaşlar yetişdirmək vəzifəsini bu gün yalnız məktəbin və ya bir-iki müvafiq orqanın üzərinə atmaq düzgün deyildir. Təhsilə qayğı hər bir vətəndaşın vəzifəsidir. Çünki ailədə, bağçada, lazımi mühitdə düzgün tərbiyələndirilməyən, istiqamətləndirilməyən uşaq orta məktəbdə yaxşı oxuya bilməz, yaxud orta məktəbdə zəruri biliklərə, əmək vərdişlərinə sahib olmayan, milli vətənpərvərlik ruhunda tərbiyə edilməyən, ali məktəbi diplom almaq xatirinə qurtaran gənc layiqli vətəndaş, yaxşı mütəxəssis ola bilməz.
Bu gün sürətlə inkişaf edən ölkəmizdə şadlıq evlərinin, otellərin, özəl klinikaların, restoranların, əyləncə-istirahət mərkəzlərinin sayı kifayət qədərdir. Qoy daha da çox olsun. Ancaq biz uşaq bağçalarının, uşaq kitabxanalarının, uşaq yaradıcılıq, idman müəssisələrinin daha çox olması haqqında düşünməliyik.
Məktəblilər arasında intihar edənlərin, evdən qaçanların, cinayət törədənlərin, yad meyillərə uyanların sayının artması təəssüf doğurur. Bu, məktəblərimizdə şagirdlərin psixoloji durumunun düzgün müəyyən edilib öyrənilməməsindən, araşdırmaların aparılmamasından irəli gəlir. Məktəblərimizdə psixoloq kadrları azdır və ya yoxdur. Bu sahə üçün lazımi vəsait ayrılmaması narahatlıq doğurur.
Bu gün ölkəmizdə müasir tipli çoxsaylı məktəblər tikilib istifadəyə verilir. Bu məktəb binalarının layihələrində tibbi personal üçün otaq da nəzərdə tutulur. Ancaq məktəblərdə tibb işçisi ştatı yoxdur. Yüzlərlə, minlərlə şagirdin oxuduğu məktəbdə müəyyən oyunlar, hərəkətlər zamanı uşağın zədə alması, əzilməsi, yaralanması, haldan-hala düşməsi, sarsıntı keçirməsi gözləniləndir. Bu zaman məktəbliyə təcili tibbi yardım göstərilmirsə, uşaq o vəziyyətdən çıxarılmırsa, məktəbə xeyli vaxtdan sonra təcili yardım maşınının gələcəyi gözlənilirsə, bu, yolverilməzdir.
Bu gün orta məktəblərdə hərbi dərslərin keçirilməsi aşağı səviyyədədir. Bunu burada yoldaşlar da səsləndirdilər.
Digər bir məsələyə toxunum. Bizim orta məktəblərdə əmək vərdişləri, demək olar ki, çox pis aşılanır. Əvvəllər orta məktəblərdə təmir emalatxanaları var idi, şagirdlər bağ salmağı, ağac əkməyi, nələrisə təmir etməyi bacarırdılar. Çox təəssüflər olsun ki, bu gün bunlar yoxdur. Orta məktəblərin yuxarı siniflərinin əksəriyyətində bu dərslər keçirilmir. Aşağı siniflərdə isə bu, nəzəri şəkildə keçirilir. Mən başa düşmürəm, əgər şagird iynəni, sapı görmürsə, yemək hazırlamağa onun qarşısında bir ərzaq yoxdursa, o bu əmək vərdişlərinə necə yiyələnə bilər? Elə bilirəm ki, bu barədə müvafiq orqanlar öz sözlərini deyərlər.
Yerli özünüidarəetmə orqanlarının maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün hər il büdcədən bələdiyyələrə ayrılan 5,2 milyon manat vəsait o qədər də yetərli deyil. Bu vəsait il ərzində bələdiyyələr üçün 80–100 inzibati binanın tikintisinə yönəldilsə, daha əhəmiyyətli olar və bir neçə il ərzində bələdiyyələrin inzibati bina problemi həll edilə bilər. Bu təklifə respublikanın əksər bələdiyyələri tərəfdardırlar. Mən elə bilirəm ki, hörmətli nazirimiz Samir müəllim burada qaldırılan bu və ya digər məsələlərə lazımi münasibət bildirəcək.
Mən müzakirəyə çıxarılan büdcə zərfini bir daha təqdir edir və deputat həmkarlarımı ona səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sevinc Hüseynova.
S.Hüseynova. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli hökumət üzvləri və millət vəkilləri! Həmkarları-mızın fikirlərinə qoşularaq mən də müzakirəmizə təqdim olunan büdcəni real büdcə hesab edir və düşünürəm ki, bu büdcə növbəti ildə ölkə iqtisadiyyatının səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, sosial prioritetliyinin saxlanılmasına yönəlmişdir. Sözsüz ki, müzakirələrdən sonra layihənin lehinə səs verəcəyəm.
Hökumət üzvlərinin burada iştirakını nəzərə alaraq müəyyən məsələləri diqqətinizə çatdırmaq istərdim. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair apardığı uğurlu siyasət nəticəsində ölkəmizin bütün bölgələrində davamlı inkişaf təmin edilmiş, yeni iş yerləri açılmış, infrastruktur yeniləşdirilmiş, təhsil, səhiyyə və digər sahələrdə yeni obyektlər tikilib təmir edilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, bir sözlə, bu qurumlarda çalışan insanlar üçün lazımi iş şəraiti yaradılmışdır.
Bu müsbət dəyişikliklər, qeyd etdiyim kimi, ölkəmizin bütün bölgələrinə, o cümlədən təmsil etdiyim Gədəbəy ray-onuna da aiddir. Təkcə bunu söyləmək kifayət edər ki, son illər ərzində rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 70-ində təmir və yenidənqurma işləri aparıl-mışdır.
Bu fonda diqqətinizi rayonun səhiyyə və təhsil sahəsində özünü daha kəskin göstərən kadr çatışmazlığı probleminə yönəltmək istərdim. Hazırda rayonun 31 məktəbində 11 fənn üzrə 49 pedaqoji kadra, tibb müəssisələrində 30-dan çox həkim və 40-dan çox tibb işçisinə zəruri ehtiyac var. Rayonun elə məktəbləri var ki, 3–4 əsas fənn üzrə yerlər bir neçə ildir ki, vakant olaraq qalır. 8 həkim və tibb məntəqəsində həkim yoxdur. Şəhər poliklinikasında 13 həkim yeri, o cümlədən travmatoloq, okulist, onkoloq yerləri boş olaraq qalır.
Sözsüz ki, peşəkar kadr qıtlığı həmin sahələrin inkişafına bilavasitə təsir göstərir. Vaxtilə elm sahəsinə böyük töhfələr vermiş, 500-dən artıq elmlər doktoru, 6 akademik yetişdirmiş rayonun hazırda məzunlarının 49,5 faizinin buraxılış imtahanlarında müvəffəq qiymət ala bilməməsinin, rayon abituriyentlərinin əksər imtahan fənləri üzrə göstəricilərinin ölkə üzrə orta göstəricilərdən aşağı olmasının əsas səbəblərindən biri məhz budur.
Düzdür, son 3 tədris ili ərzində təhsil sahəsində kadr qıtlığının aradan qaldırılması üçün ciddi addımlar atılmışdır. Bunun nəticəsidir ki, rayona 172 gənc təyinat alaraq iş yerlərinə əmri verilmişdir. Lakin təyin olunan bu gənclərin hamısı təyinat yerinə getmir. Gedənlərin də hamısı orada qalmır. Elə bu ilin sentyabr ayında iş yerlərinə təyin edilmiş gənclərdən 14 nəfəri bu iş yerlərindən imtina etmişdir. Zənnimcə, analoji hal ölkəmizin digər dağlıq rayonlarında da mövcuddur.
Düşünürəm ki, regionlarda kadr təminatı məsələsinin həll edilməsi üçün kənd yerlərində, ələlxüsus təhsil və səhiyyə sahələrində gənc kadrların çalışmasının stimullaşdırılması tədbirlərini nəzərdə tutan dövlət proqramının, müvafiq normativ sənədlərin qəbul edilməsi və yaxud mövcud normativ sənədlərə yenidən baxılması vacibdir. Məsələn, Nazirlər Kabinetinin pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas müəssisələrini bitirərək ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı təd-birlərin müəyyən edilməsi haqqında qərarında bu gənclərin əmək haqlarına əlavələr nəzərdə tutulur. Alqışlanası haldır ki, bu il həmin qərarda düzəliş edilərək rayon mərkəzlərindən 20 kilometrədək olan məsafədə 100 manat, 20 kilometrdən artıq məsafədə isə 160 manat əlavə əmək haqqı nəzərdə tutulmuşdur. Həmin qərarda bu gənclərin əlavə olaraq torpaq sahələri ilə təminatına köməklik göstərilməsi göstərilir.
Yaxşı olardı ki, bu gənclərə fərdi yaşayış üçün torpaq sa-hələri pulsuz verilsin, mənzil tikintisi məsələsinə baxılsın və analoji tədbirlər səhiyyə, idman, mədəniyyət sahələrində yeni işə başlamış mütəxəssislərə də şamil edilsin. Bu cür tədbirlərin həyata keçirilməsi regionların inkişafının səmərəliliyinin daha da artırılması ilə yanaşı, təhsil, səhiyyə və gənclər siyasəti nəticəsində aparılan işlərə də müsbət təsir göstərər, Bakı şəhərinin isə yüklənməsinin qarşısını alardı.
Çıxışımın sonunda sərhəd bölgəsində yaşayan seçiciləri-mizi ən çox narahat edən bir problemi – qaz təchizatı ilə bağlı məsələni diqqətinizə çatdırmaq istərdim. Bu məsələ bu gün həmkarlarım tərəfindən bir neçə dəfə vurğulandı. Rayonun 108 kəndindən yalnız 26-sı təbii qazla təmin olunmuşdur. Rayonda bir neçə istiqamət üzrə qaz çəkilişi işlərinin başlanmasına baxmayaraq, işlər çox ləng gedir. Bu işlər rayonun Çanaxçı, Nərimankənd və Söyüdlü kəndlərində bir neçə ildir ki, başlanıb, lakin yekunlaşmır. Bu istiqamətdə işlərin sürətləndirilməsi üçün vəsaitin ayrılmasını xahiş edirəm.
Layihənin hazırlanmasında əməyi olan hər kəsə təşəkkü-rümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Arif Rəhimzadə buyursun.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Hörmətli Sədr, hör-mətli hökumət üzvləri! Bu gün bizim müzakirəmizə verilən sənəd yalnız 2014–2015-ci illərdə olan vəziyyəti göstərmir, eyni zamanda, bizim son 10 ildə keçdiyimiz yolu və gələcək inkişafımızı əks etdirir. Bu sənəd həm də göstərir ki, ölkəmiz çox dinamik inkişaf edir, bütün çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz sözünü deyir. Ona görə mən cənab Prezident başda olmaqla hökumət üzvlərinə, büdcə zərfini hazırlayıb bu siyasəti həyata keçirən hər bir adama öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mən çox qısa çıxış edəcəyəm. Çünki mən komitələrin iclasında sözümü demişəm. Burada iki məsələ ətrafında danışmaq istəyirəm. Birinci, qazlaşdırılma məsələsi. Çıxış edən deputatların əksəriyyəti bu məsələni qaldırdı.
Mən Neftçala rayonunu misal gətirmək istəyirəm. Neftçala rayonu Azərbaycanda ilk qazlaşdırılan rayonlardan biridir. Ona görə ki, Neftçalanın özündə neft və qaz hasil edilibdir. Ancaq cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Neftçalanın qazlaşdırılması cəmi 50 faiz təşkil edir. Burada məndən əvvəl çıxış edən həmkarlarım da dedilər ki, Şəkidə, misal üçün, 56 kənd qazlaşdırılmalı idi, 22 olubdur və sair. Bu, həqiqətən, böyük problemdir. Bu problemə cənab Prezident Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında müraciət edib və müvafiq tapşırıqlar veribdir.
Mən, birincisi, bilmək istərdim ki, 2015-ci ildə qazlaşdırma işlərinin aparılmasına nə qədər vəsait ayrılacaqdır. 2014-cü ildə cəmi 60 milyon manat pul ayrılıbdır. Biz Avropanın qazlaşdırılması istiqamətində çox sanballı işlər görürük. Mən o layihənin mahiyyətini, iqtisadi, siyasi mənasını yaxşı başa düşürəm. Ancaq hesab edirəm ki, burada yerli ehtiyacın ödənilməsi və bizim qazla xarici ölkələrin ehtiyacının ödənilməsi arasında müəyyən bir disproporsiya var. Bu disproporsiyaya baxmaq lazımdır.
Bu gün elan olundu ki, TANAP layihəsinin həyata keçi-rilməsi üçün büdcədən 1 milyard manata yaxın və o qədər də Dövlət Neft Fondundan vəsait ayrılacaqdır. İndi bunun müqabilində 60 milyon manat nədir? Heç bir şeydir. Mən güman edirəm ki, cənab Prezidentin tapşırığına uyğun olaraq bu işdə dönüş yaradılacaqdır. Mən istərdim ki, Samir müəllim, – özü də buradadır, – çıxışında qeyd etsin, bu il qazlaşdırmaya nə qədər vəsait ayrılacaqdır. Burada söhbət qazın ancaq çatdırılmasından deyil, eyni zamanda, keyfiyyətindən gedir. Qaz sistemlərində lazımi təzyiq təmin olunmur. Qazın keyfiyyətinin standartlara uyğun olub-olmaması da şübhə altındadır. Bu məsələyə də ciddi fikir vermək lazımdır. Biz Avropanın hörmətini qazanmaq istəyiriksə, ilk növbədə göstərməliyik ki, Azərbaycanda özümüz bu işə necə yanaşırıq.
İkinci məsələ – büdcədən ayrılan vəsaitin xərclənməsi ilə əlaqədar. Neftçalada 9 ildir, magistral kanal tikilir. Bu kanalın ilk qiyməti 35 milyon manat olubdur. 9 ildə bunun qiyməti artıb, 75 milyon manata çatıbdır. İndiyə qədər, yəni 9 il ərzində 2 milyon manata yaxın vəsait sərf olunubdur. Obyektin inşasının bu cür aparılmasının mənasını mən tamamilə başa düşmürəm. Mən keçən dəfə büdcənin müzakirəsində dedim ki, gəlin, bu obyektin inşasını biz 1 il, 2 il saxlayaq, sonra vəsait ayıraq ki, dərhal bu məsələni həll edək. Mən istərdim ki, heç olmasa, bu il Neftçala magistral kanalının tikintisinə lazımınca vəsait ayrılsın. Bu kanalın istifadəyə verilməsi 20 min hektar sahənin suvarılma vəziyyətini yaxşılaşdıracaq, o cümlədən əlavə 10 min hektar torpağın suvarılmasına imkan verəcəkdir.
Keçən il rayonun mərkəzi xəstəxanasının və olimpiya mərkəzinin tikintisinə başlanıbdır. Buna görə mən Nazirlər Kabinetinə minnətdarlığımı bildirirəm. Bu, planda olan məsələ idi, ancaq uzun illər idi, iş başlanmırdı. Mənim xahişim ondan ibarətdir ki, 2015-ci ildə bu obyektlərin inşasının sona çatdırılması üçün lazımi vəsait verilsin.
Mən bir də bu büdcənin hazırlanmasında iştirak edən, həyatımızın inkişafını təmin edən insanların hamısına min-nətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Milli Məclisin müzakirəsinə təqdim edilmiş 2015-ci il dövlət büdcəsinin gəlir və xərclərini təhlil edərkən bir daha əmin oluruq ki, Azərbaycan Respublikası öz dinamik və sabit inkişafını gələn il də davam etdirəcək və bu büdcə Azərbaycan xalqı-nın rifahının yaxşılaşmasına, dövlətimizin qüdrətinin yüksəlməsinə xidmət edəcəkdir. Bu isə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiyanın nəticəsidir.
Ölkəmizdə davamlı olaraq iqtisadi islahatların aparılması, qeyri-neft sektoruna qoyulan investisiyaların həcminin artırılması, vergi potensialının genişləndirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, dövlət vəsaitlərindən istifadəyə nəzarətin daha da gücləndirilməsi, işsizliyin azaldılması, əmək haqlarının müntəzəm olaraq artırılması və digər istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilir.
Ölkəmizin maliyyə imkanları ildən-ilə artır. Hazırda ölkəmizin valyuta ehtiyatlarının 53 milyard manata çatması, ölkəmizdə sosial və investisiya yönümlü iri layihələrin həyata keçirilməsi bunun əyani sübutudur.
Artıq bir neçə ildir ki, dövlət büdcəsində əsaslı xərclər ilbəil artır. 2015-ci ilin büdcəsində əsaslı xərclər üçün 9 milyard 366 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilə nisbətən 965 milyon manat və yaxud da 11,5 faiz çox olmaqla bütövlükdə dövlət büdcəsinin xərclərinin 44,4 faizini təşkil edir. Əsaslı xərclərin bu qədər böyük həcmdə müəyyənləşdirilməsi onu göstərir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət gələcək illərdə də sosial-iqtisadi inkişafın təmin edilməsinə yönəldilmişdir. Bununla yanaşı, bəzi məsələlərə münasibət bildirmək istəyirəm.
Hazırda dünyada narahatlıq doğuran qlobal problemlər-dən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Ölkə-miz bu məsələnin həllində dünya iqtisadiyyatına öz töhfəsini verə bilər. Fərəhlə deyə bilərik ki, bu məsələdə ölkəmizdə bir problem yoxdur. Bununla yanaşı, Prezidentimiz cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməli və idxaldan ixraca keçməliyik. Prezidentin bu tapşırığını yerinə yetirmək üçün Azərbaycanda hər cür şərait yaradılıb. Biz başqa ölkələrə ekoloji təmiz kənd təsərrüfatı məhsulları ixrac edə bilərik. Bunun üçün ilk növbədə dövlət dəstəyinə ehtiyac vardır. Hesab edirəm ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının stimullaşdırılması üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması yaxşı olardı. Bu təcrübədən bir çox xarici dövlətlərdə istifadə olunur.
Bir məsələni də vurğulamaq istərdim. Ölkəmizin aqrar sahə bölməsində mövcud olan çox böyük potensial imkan-lardan daha səmərəli istifadə etmək üçün yerli kənd təsər-rüfatı məhsullarının tədarükünə dair dövlət sifarişlərinin verilməsi və bu tədbirlərə dövlət büdcəsindən müvafiq vəsaitin ayrılması vaxtı çatmışdır. Belə olan halda məhsul itkisinin qarşısı alınar, fermerlər məhsul satışında çətinlik çəkməz və istehsalı artırmaqda maraqlı olarlar. Bu həmin məhsulların ehtiyac olmadan idxalının da qarşısını alardı. Xarici fermerlərin əvəzinə öz fermerlərimizin stimullaşdırılmasını təmin edə bilərdik.
Digər tərəfdən, mühüm əhəmiyyəti olan kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisinin genişləndi-rilməsinə böyük ehtiyac vardır. Bu istiqamətdə müəyyən işlər görülsə də, tələbat hələ tam ödənilməmişdir. Bəzi rayonlarda bir dənə də emal müəssisəsi yoxdur. Halbuki hər bir rayonda bir neçə belə müəssisənin olması sağlam rəqabət mühitinin yaradılmasına və yüksək keyfiyyətli məhsul istehsalına təkan verərdi. Ona görə də emal müəssisələri olmayan və yaxud az olan yerlərdə belə müəssisələrin tikilməsi üçün büdcədən vəsaitin alınması nəzərdə tutulmalı idi.
Eyni zamanda, bildirmək istəyirəm ki, mənim deputat olduğum seçki dairəsində – Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində son illərdə büdcə hesabına sosial obyektlərin tikintisi və təmiri, asfalt yolların çəkilməsi, abadlıq işlərinin görülməsi üçün çox böyük əmək sərf olunmuş, bu qəsəbələrin siması xeyli yaxşılaşmışdır. Göstərdikləri və bundan sonra da göstərəcəkləri köməyə görə Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin rəhbərliyinə, onların kollektivlərinə özümün və seçicilərim adından təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, həmin qəsəbələrdə bir çox tarixi və mədəni abidələrin, sosial obyektlərin təmiri və bərpası işlərinin davam etdirilməsi üçün 2015-ci ildə də büdcədən vəsait ayrılması nəzərdə tutulacaq və bu işlər daha da sürətlə aparılacaqdır.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün taleyi yaşayır. Onların əksəriyyəti rayonlarda və bir hissəsi də Bakıda yerləşdirilmişdir. Bakıda yerləşdirilən qaçqın və köçkünlərin bir hissəsi universitet və texnikumların, indiki kolleclərin yataqxanalarında yaşayır. Bu yataqxanaların əksəriyyəti 1950–1960-cı illərdə tikilmiş binalardır. Bu binaların əksəriyyətinin istismar müddəti başa çatmışdır və onlar qəzalı vəziyyətdədir.
Belə binalardan biri də Bakının Bünyadov küçəsi 30-da yerləşən beşmərtəbəli binadır. Bu binada yaşayan qaçqınlar və köçkünlər onun yaşayış üçün təhlükəli olması ilə əlaqədar dəfələrlə bizim qarşımızda məsələ qaldırmışlar. Binanın, doğrudan da, qəzalı olması ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinə, Qaçqınkoma, Nazirlər Kabinetinə müraciətimiz olmuşdur. Yerli icra hakimiyyətinin, Qaçqınkomun və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə akt tərtib olunmuş və binanın, həqiqətən də, qəzalı olması sübuta yetirilmişdir. Lakin həmin binanın boşaldılması məsələsi bu günə qədər də həll olunmamışdır.
Sözsüz ki, bu məsələ ölkə Prezidentinin nəzarəti altında-dır. Hər il onlarla yeni bina, yeni şəhərcik salınıb qaçqın və köçkünlərə verilir. Lakin bu günə qədər bu məsələnin həllini tapmaması təəssüf doğurur. Mən özüm də Maliyyə Nazirliyinə bu haqda müraciət etmiş, hələlik bir cavab almamışam. Məndə olan son məlumata görə 2015-ci ildə bu binanın sakinlərinin köçürülməsi nəzərdə tutulub. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu bina, həqiqətən də, qəzalıdır və sabah bir hadisə baş verə bilər.
O binanın sökülüb yenidən tikilməsi məsələsinə gəlincə deməliyəm ki, bundan ötrü bizə maliyyə dəstəyi lazım deyil. O binanı biz öz hesabımıza tikib təmir edəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haq-qında bu dəqiqəyə qədər ümumən 46 nəfər çıxış edib. Mən təklif edirəm ki, sabah da biz günün birinci yarısında 1 saat müzakirələri davam etdirək, ondan sonra hökumət sualları cavablandırsın. Səhv etmirəmsə, təhsil naziri də burada olacaq, o da suallara cavab verəcək. Mən bir də Mərkəzi Bankın sədri Elman Rüstəmovdan xahiş edərdim ki, burada qaldırılan bəzi məsələlərə sabah o da aydınlıq gətirsin. Etiraz yoxdur? Onda sabaha kimi fasilə elan edilir. Sağ olun.