14.04.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 108
Milli Məclisin iclas salonu.
14 aprel 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 100
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Ramiz Məmmədov, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvlüyünə namizəd.
* * *
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesa-blama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Məhəmmədəli Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
Vəfa Mütəllimova, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
* * *
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
İlqar Muradov, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini.
Kamran Babayev, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Departamentinin direktoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında.
2. Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Beynəlxalq dəmiryol daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
6. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Fazil Mustafa, Fəzail Ağamalı, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sahib Alıyev, Zahid Oruc, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Azay Quliyev, Xanhüseyn Kazımlı, Zeynəb Xanlarova
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Fazil Mustafa
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
2. Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Elton Məmmədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
3. “Beynəlxalq dəmiryol daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
4. “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Ziyafət Əsgərov, Sabir Rüstəmxanlı, Zahid Oruc, Azay Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vüqar Gülməmmədov, Elton Məmmədov, İlyas İsmayılov, Vahid Əhmədov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 75
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 77
Nəticə: Yetərsay yoxdur
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
6. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Əli Məsimli, Zahid Oruc
Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
14 aprel 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 100
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə səs verək.
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın, zəhmət olmasa. Siyavuş Novruzov. Buyur.
S.Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Mən ictimaiyyəti narahat edən bir məsələni burada qaldırmaq istəyirəm. Son vaxtlar I Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar olaraq müəyyən xarici təşkilatlar ölkəmizdəki bəzi qeyri-hökumət təşkilatları və ayrı-ayrı qurumlar vasitəsi ilə Azərbaycana qarşı bir şantaj kampaniyası həyata keçirməkdədir. Bu yaxınlarda yalandan bir korrupsiya komissiyası düzəltmiş və ölkədə korrupsiya ilə bağlı böhtan dolu bir bəyanat yaymışlar.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə həmişə olub. Ümummilli liderin ilk dəfə hakimiyyətə gəldiyi dövrdə kor-rupsiyaya qarşı geniş vüsət alan mübarizə bu günə qədər də davam edir. Azərbaycan çox az-az ölkələrdəndir ki, orada dövlət korrupsiya komissiyası fəaliyyət göstərir. Bu komissiyada bütün qurumların – qeyri-hökumət təşkilatlarının, mətbuatın, parlamentin, dövlətin ayrı-ayrı strukturlarının nümayəndələrinin iştirakı ilə istənilən bir müraciət müzakirə olunur. Ölkədə həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir ki, o da bu işlərlə məşğul olur, istənilən müraciətlərə cavab verir.
Dünyanın hər yerində bu bəla var və buna qarşı mübarizə gedir. Təəssüflər olsun ki, bəzi xarici qurumlar ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar Azərbaycanın adını hallandırmağa daha çox üstünlük verirlər. Azərbaycanda Azərbaycan xalqının və dövlətçiliyinin əleyhinə işləyən bəzi siyasi partiya və qeyri-hökumət təşkilatları isə bu qurumların sifarişi əsasında bu gün Azərbaycanda kütləvi aksiyalar təşkil etməyə səy göstərir, ayrı-ayrı müraciətlər qəbul edərək ölkələri bu Oyunlarda iştirak etməməyə çağırırlar. Bunlar xaricdə erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından aldıqları qrantların müqabilində bu addımları atırlar. Mən hesab edirəm ki, biz Milli Məclisdə bu məsələyə ciddi şəkildə öz münasibətimizi bildirməli və bu antimilli insanların fəaliyyətinə qiymət verməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, o insanlara bizim qiymət verməyimiz artıqdır. Məlumdur ki, ermənilər bu idman oyunlarında iştirak eləyəcəklər. O insanlar isə bu Oyunlara qarşı çıxırlar. Deməli, onlar Azərbaycana qarşı ermənilərdən də pisdirlər. Bunun nəyini müzakirə eləyəsən? Ehtiyac var bunun müzakirəsinə? Bu, millət üçün, xalq üçün bəlli şeydir artıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də eyni problemə toxunmaq istəyirəm. Ümumiyyətlə, Azərbaycanda həmrəyliklə bağlı ciddi problem var. Biz Avropa Oyunları kimi möhtəşəm bir tədbirdə belə həmrəy ola bilmiriksə, gələcəyimizdə də bu sual hər zaman qarşımıza çıxacaqdır.
Bu günlərdə Roma Papasının atdığı addım da cəmiyyətdə çox müzakirə olunur. Katolik kilsəsinin tarixində vəhşilik-lərlə dolu o qədər hadisələr olub ki, müasir dövrdə özləri kimi vəhşi erməni terrorçularını dəstəkləmək, onların törətdiyi əməllərə göz yummaq onlar üçün adi bir haldır və bu biz təəccübləndirmir.
Amma etiraz bildirərkən biz buna həm də ibrət məsələsi kimi baxmalıyıq. Niyə onlar həmrəy ola bilirlər, biz həmrəy ola bilmirik? Bu həmrəyliyi biz niyə öz daxilimizdə nümayiş etdirə bilmirik? Baxın, bu günlərdə biz Çanaqqala zəfərinin 100 illiyinin Bakıda da qeyd olunması barədə məsələ qaldırdıq. Bu, 24 apreldə uydurma erməni soyqırımının Yerevanda 100 illiyinin qeyd olunmasına bir cavab idi. Məsələyə heç bir rəsmi münasibət bildirilmədi. Çox xahiş edirəm, – çox vacib məsələdir, – bunu həll edək.
Daxildə həmrəyliyimizlə bağlı daha bir məqama diqqət çəkmək istəyirəm. Məmmədəmin Rəsulzadənin büstünün götürülməsi bu günlərdə çox ciddi müzakirələrə səbəb oldu. Biz artıq Azərbaycan məmurlarına demirik ki, Allaha bax, Konstitusiyaya bax, qanunlara əməl elə. Biz, sadəcə, deyirik ki, heç olmasa, səni o vəzifəyə təyin eləyən Prezidentin fərman və sərəncamlarına bax. Prezident ötən ilin dekabr ayında Məmmədəmin Rəsulzadənin 130 illiyini qeyd eləmək barədə çox gözəl bir sərəncam verdi. Həmin sərəncamda onun xatirəsini uca tutmaq, əbədiləşdirmək, Topçubaşova da, ona da dəyər vermək çox misilsiz, möhtəşəm bir addım idi. Orada heç bir bənddə yazılmayıb ki, Məmmədəmin Rəsulzadənin büstünü yığışdırın. Adını qoyurlar yararsızdır, yığışdırırlar. Son 15–16 ildə Azərbaycanın 9 rayonunda Məmmədəmin Rəsulzadənin büstü götürülübdür. Bakı Dövlət Universitetindən büstü, universitetin üzərindən adı götürülüb. Kukla teatrının önündən büstü götürülüb. Gəncədə büstün başına torba salıblar, abidə neçə illərdir, o vəziyyətdə qalıb.
Biz tariximizə hörmət eləmək istəyiriksə, bu kimi dəyərlərə bu qədər aşağılayıcı münasibət bəsləməməliyik. Ona görə də mən bu addımların hakimiyyət səviyyəsində qınanmasını istəyirəm. İstəyirəm, məmurlar bilsinlər ki, Prezident bir addımı atırsa, onu düşünərək, onun dəyərini bilərək bu addımı atır və sərəncam verir. Siz əgər özünüzdən hansısa bir davranış icad eləyirsinizsə, bunun əsaslandırmasını verin. Ona görə də mən bu məsələyə öz etirazımı bildirir və bu kimi addımların dayandırılmasını tələb eləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri və media təmsilçiləri! Mən Siyavuş müəllimin söylədiyi fikri başqa bir müstəvidə ifadə etmək istəyirəm. Bu gün I Avropa Oyunlarının yaxınlaşdığı bir zamanda həm Azərbaycandan kənarda, həm də Azərbaycanda fəaliyyət göstərən antiazərbaycan və antimilli qüvvələr bir koalisiyada birləşiblər. Bunlar Azərbaycanda keçiriləcək, Azərbaycanı dünyaya yüksək səviyyədə bir daha təqdim edib təbliğ edəcək böyük, möhtəşəm tədbirin səviyyəsini aşağılamaq üçün dəridən-qabıqdan çıxırlar.
Onlar buna nail ola bilməyəcəklər. Bu şübhəsizdir. Lakin təəssüf doğuran odur ki, Azərbaycandakı antimilli qüvvələr artıq dünyanın aparıcı dövlətlərinə, idman qurumlarına müraciət edərək onları bu oyunlarda iştirak etməməyə çağırırlar. Bunun adı Azərbaycana xəyanətdir. Bunun adı antimilli qüvvə kimi Azərbaycanın əleyhinə işləməkdir. Azərbaycan xalqı buna birmənalı şəkildə özünün mənfi münasibətini bildirib və bundan sonra da bildirəcəkdir.
Toxunacağım ikinci məsələ aprel ayının 12-də Roma Pa-pasının qondarma, saxta soyqırımı barədə söyləmiş olduğu fikirlərlə bağlıdır. Bu, Azərbaycanda birmənalı qarşılanmayıb. Bizi təəssüfləndirən odur ki, haqqa, ədalətə söykənməyi özünə borc bilməli olan bu dini lider haqqı, ədaləti kənara qoyaraq tarixi saxtalaşdıranların yanında yer alır. Doğrudanmı, ona bəlli deyil ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və bu işğal nəticəsində 20 min azərbaycanlı şəhid olub, XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı baş verib? Bu haqda Roma Papası nədən susur? Niyə bu faktları ortalığa gətirmir və erməniyə olan sevgisini bu gün başqa bir müstəvidə ortalığa qoyur.
Mən bir Azərbaycan vətəndaşı olaraq Roma Papasının bu mövqeyini qətiyyətlə pisləyirəm. Əgər o özünə və daşıdığı dəyərlərə hörmət eləyirsə, bir daha o fikirlərə qayıtmaz. Mən onu haqqın, ədalətin yanında olmağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə toxunmaq istəyirəm. Birincisi, 21 fevralda Mərkəzi Bank məzənnə siyasətini dəyişdi və manat kəskin devalvasiyaya uğradı. Bundan sonra qeyd elədilər ki, vəziyyət müəyyən qədər düzəldi. Amma son 5-6 ayda Mərkəzi Bankın ehtiyatlarının 15 milyard manatdan 9 milyard manata enməsi çox ciddi problemlərdən xəbər verir. Əgər belə davam edərsə, bir neçə aydan sonra Mərkəzi Bankın ehtiyatı qalmaz. Ümumiyyətlə, mən Mərkəzi Bankın manatla əlaqədar siyasətini bu gün də başa düşə bilmirəm. Ona görə hesab edirəm ki, Mərkəzi Bank öz siyasətinə yenidən baxmalıdır.
Biz o vaxt Mərkəzi Bankın tərkibində maliyyə monitorinqi qrupu yaratdıq və bu qrup fəaliyyət göstərir. Azərbaycandan xaricə kəskin valyuta axını var. Son vaxtda xüsusilə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Mərkəzi Bank bu məsələ ilə yenə də ciddi məşğul olmalıdır. Yəni Mərkəzi Bank məzənnə siyasətini tamamilə dəyişməli və devalvasiya sistemini yavaş-yavaş həyata keçirməlidir ki, biz 5-6 aydan sonra ciddi maneələrlə üzləşməyək.
İkinci məsələ. Cənab Prezident bu yaxınlarda birinci rübün yekunları ilə əlaqədar hökumətin böyük bir iclasını keçirdi və iclasda dərman preparatlarının qiymətinə toxundu. Milli Məclisdə bu məsələyə biz bir neçə dəfə toxunmuşuq və mən kəskin olaraq qeyd etmişəm ki, Azərbaycanda dərman preparatlarının qiymətində çox ciddi problem var.
Bununla əlaqədar olaraq biz Milli Məclisdə qanun qəbul elədik ki, dərman preparatlarının qiymətləri tənzimlənsin. Çox təəssüflər olsun ki, 3 aydan çox vaxt keçməsinə bax-mayaraq, biz bu günə qədər hökumətin qərarını ala bil-məmişik. Mən artıq dərəcədə xahiş edərdim ki, Azərbaycan hökuməti dövlət başçısının da göstərişini yerinə yetirərək dərman preparatlarının qiymətlərinin tənzimlənməsi ilə əlaqədar xüsusi qərarını versin və yuxarı həddi müəyyən eləsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun. Hörmətli Siyavuş müəllim və Fəzail müəllim kimi mən də bu günlərdə korrupsiya ilə bağlı verilən o məlumata öz münasibətimi bildirmək istəyirəm. Həqiqətən də, o məlumatı bu dərəcədə şişirdilmiş, saxtalaşdırılmış formada vermək, təbii ki, öz millətinə, dövlətinə qarşı əks mövqedə dayanmağın bir göstəricisidir. Avropa Birliyinə daxil olan bir çox ölkələrdə korrupsiyanın dərin kök salması, tibbi sığorta ilə bağlı hədsiz dərəcədə böyük korrupsiyanın olması, eləcə də Almaniyada, – bunu bu günlərdə möhtərəm Prezidentimiz də vurğuladı, – neçə illərdir, tikilən hava limanının inşası üçün hər il ayrılan milyonlarla avronun hara xərcləndiyinin bilinməməsi kimi faktlar geniş məlumdur. Amma bu antimilli qüvvələr sanki bu faktları görmür və həmişə öz ölkələrinə qarşı qərəzli mövqedə dayanırlar.
Avropa Oyunlarına gəldikdə isə onları pozmaq cəhdləri keçici şeylərdir. Yəni bir el məsəlində deyildiy kimi, it hürər, karvan keçər. Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının Mehriban xanım tərəfindən qitənin müxtəlif ölkələrində təqdimatı Avropanın bütün mötəbər qəzet-lərində çox gözəl işıqlandırılır. Bu günlərdə Moskvada da Avropa Oyunlarının təqdimatı Dumanın spikerinin və ölk-ənin digər mötəbər şəxslərinin iştirakı ilə çox uğurla keçdi. Avropa ictimaiyyəti bu Oyunları səbirsizliklə gözləyir. Ona görə mən əminəm ki, Azərbaycanda sapı özümüzdən olan baltaların dövlətimizi gözdən salıb Oyunların ölkəmizdə keçirilməsini əngəlləmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələnəcəkdir.
Oqtay müəllim, mən də Papanın bu günlərdə keçirdiyi ayinə münasibətimi bildirmək istərdim. Həqiqətən də, 100 il bundan qabaq yaşanmış bir hadisəyə bu formada münasibət bildirən bir dini liderin dünyanın gözü qabağında törədilən Xocalı soyqırımına, Balkanlarda, Srebrenitsada baş verən və beynəlxalq hüquq çərçivəsində tanınan soyqırımı cinayətlərinə münasibət bildirməməsi ən azı təəssüf hissi doğurur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də cəbhəyanı bölgənin təmsilçisi olaraq Roma Papasının Dağlıq Qarabağa sülh arzulaması məsələsinə toxunuram. Bizdə bir ifadə var, deyirlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Təəssüf ki, Papanın bu sülh arzusunda söhbət nə Quranın, nə də İncilin oxunmasından gedir. Biz, sadəcə olaraq, orta əsrlərdə qaldığını düşündüyümüz indulgensiyanın təzədən qaldırıldığını gördük. Çünki həmin uydurma soyqırımının tanınmasından söhbət gedən ayində Xocalı soyqırımını özlərinin törətdiklərini etiraf edən, əli azərbaycanlıların qanına batan Serj Sarkisyanla Zori Balayan başda əyləşdirilmişdi.
Bilirsiniz, Papanın bu hadisəni soyqırımı kimi tanımasına bu yaxınlarda Ermənistanda səfərdə olan məşhur bir xanımın onu eyni cür tanıması kimi, yəni şəxsi mövqe kimi yanaşmaq olardı. Amma söhbət müqəddəs taxt-tac adlandırılan bir yerdə əyləşən adamdan, 2 milyarddan artıq insanın aid olduğu Qərb sivilizasiyasının, öz dəyərlərini zor-xoş hamıya qəbul etdirən bir sivilizasiyanın təmsilçisindən gedir. Çox təəssüf ki, bu cür yanaşma ilə Papa bu dəyərlərə qarşı, beynəlxalq hüquqa qarşı çıxır. Beynəlxalq Haaqa Məhkəməsi Bosniya və Herseqovinada, eyni zamanda, Uqandada baş verənləri soyqırımı kimi dəyərləndirdiyi halda Papa bunlar haqqında, sadəcə, qırğın kimi, amma uydurma erməni soyqırımından, yəni faktiki olaraq olmayan bir şeydən soyqırımı kimi danışır. Bu haqqı ona kim verib? Bir daha deyirəm, çox təəssüf ki, bununla o öz dəyərlərini ayaqlar altına salır.
Baxın, Azərbaycan dünyəvi dövlət olsa da, müsəlman ölkəsidir. Cənab Prezident özü də ötən həftə vurğuladığı kimi, builki səfərlərindən birini Vatikana, digərini Məkkəyə etdi. Ailəliklə gedib Məkkəni ziyarət etməklə öz kökünə, dinimizə, milli dəyərlərimizə, xalqımızın istək və arzusuna bağlılığını, sədaqətini göstərdi. Eyni zamanda, Vatikana getməklə çoxkonfessiyalı, çoxmillətli bir ölkənin təmsilçisi kimi digər bir dinə də hörmətini göstərdi. Amma biz Papanın bu hərəkətində, təəssüf ki, dyakonluqdan o yana bir uzaqgörənlik görmürük. İstər-istəməz yenə bir sual meydana çıxır: Qərb hara gedir? Çox təəssüf ki, Osvald Şpenqlerin məşhur “Avropanın süqutu” əsərində göstərildiyi kimi, görünür, Qərb elə Şpenqlerin dediyi yerə gedir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, əlbəttə ki, parlament üzvlərinin hər birinin mövqeyinə hörmətlə yanaşıram. Lakin düşünmürəm ki, katolik kilsəsi rəhbərinin ermənilər adına keçirdiyi dini liturgiya onların xeyrinədir, siyasi uğurlarıdır, Türkiyə üzərində ciddi bir diplomatik qələbəsidir və guya bundan sonra Avropa siyasi paytaxtlarından elə qərarlar verilə bilər ki, Türkiyənin təklənməyinə, gələcəkdə ermənilərin onlara qarşı daha ciddi təzminat və torpaq iddiaları kimi davalarına səbəb ola bilər. Əslində, bu xalq dərindən dərk eləməlidir ki, Türkiyə ilə düşmənçiliyi körükləyən qərarların verilməsi onun xeyrinə deyil. Saxta soyqırımı ideologiyası ilə dövlət qurmaq, soyqırımı mədəniyyətini formalaşdırmaqla ölkəni inkişaf etdirmək olmaz.
Mən düşünürəm ki, ermənilərin nefti və qazı yoxdur, an-caq əvəzində iki mühüm silahı var. Biri onların uydur-duqlarına görə xristianlığın beşiyinin ora olması və İsa Məsihi yaralayan məşhur nizənin guya onlarda saxlanılması, ikincisi də soyqırımı biznesidir. Bundan faydalanmağa çalışırlar. Amma mən düşünürəm ki, bizim məktub yazıb Roma katolik kilsəsinin rəhbərini inandırmağımızla məsələlər dəyişməyəcək, çünki bu yeni hadisə deyil, 2001-ci ildə də II İohan Pavel eyni mövqedə bulunmuşdu.
Bu gün İtaliyanın Baş naziri bəyan eləyib ki, hökumətlər bu məsələdə qərar verməməlidirlər. Ona görə mən hesab edirəm ki, biz daha fərqli addımlarda bulunmalıyıq. Mən, əlbəttə, düşünmürəm ki, biz özümüzün demokratlığımızı, sülhpərvərliyimizi, humanizmimizi göstərmək üçün Bakı-dakı Roma kilsəsini gül-çiçəyə bürüməliyik. Amma bir din adamının əlində 3 gül dəstəsini aparıb ora qoymağını mən təklif edirəm. 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər xiyabanını və Xocalı soyqırımı abidəsini ziyarət etməsini təklif edirəm. Düşünürəm ki, bunlar daha təsirli tədbirlərdir.
Bilmək lazımdır ki, saxta erməni soyqırımını bundan sonrakı dövrdə 23 ölkə yox, 46 ölkə, 92 ölkə də tanımış olsa, ermənilər Türkiyə üzərində hər hansı bir qələbəyə nail ola bilməyəcəklər. Çünki dünyada saxta soyqırımı ilə çörək yemək mümkün deyil. Dünyada normal inkişaf, elmi mübadilələr, iqtisadi əlaqələr və sair var. Ermənilər heç bir transmilli layihədə yoxdurlar. Əvəzində soyqırımı kimi geosiyasi, iqtisadi və sair məsələyə çevrilmiş layihədədirlər. Bu layihə ilə bəlkə də kiçik bir dövr ərzində fayda qazanmaq olar, amma bu həmişəlik çörək deyil. Ona görə mən katolik kilsəsinin rəhbərinin qərarını ermənilərə ən böyük zərbə hesab edirəm. Çünki bu, düşmənçiliyə doğru atılan addımdır və Türkiyəni öz mövqeyində daha da möhkəmləndirir. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhətərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də həmkarım Fazil Mustafanın Məmmədəmin Rəsulzadə ilə bağlı qaldırdığı məsələyə qoşuluram və onu dəstəklədiyimi bildirirəm. Hesab edirəm ki, Məmmədəmin Rəsulzadəyə bu cür münasibət bəsləyənlər ən azı Prezidentin sərəncamından nəticə çıxarmalıdırlar və bu münasibət dəyişməlidir.
İkinci bir məsələyə münasibətimi bildirmək istəyirəm. Bu həftə Xətai rayonu ərazisində böyük bir yanğın hadisəsi baş verdi. Bina üzlüklərinin alışıb yanması və küləyin bu yanğını daha da şiddətləndirməsi nəticəsində mənzillərə böyük ziyan dəydi, orada yaşayan insanların həyatı üçün ciddi təhlükə yarandı. Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlar insan həyatı üçün təhlükəli olan və odadözümlü olmayan bu cür üzlüklərin binalar üzərinə çəkilməsini da-yandırmalıdır.
Bu cür odadavamsız, zəhərli süni materialların gətirilib insanların yaşadığı ərazidə binaların üzərinə çəkilməsinə kim icazə verib? Məclisdə də, başqa tədbirlərdə də dəfələrlə qeyd etmişik ki, hər şey insan üçün, insanın həyatını yaxşılaşdırmaq üçündür. İnsanı zəhərləyən, insanın həyatına təhlükə yaradan bu tipli materiallar buraya kimin sifarişi ilə gətirilir? Baxırsan, Nobel prospekti boyunca bütün binaları o cür materiallarla üzləyirlər. Şəhərin digər yerlərində artıq bu işlər başa çatdırılıb. Amma heç soran yoxdur ki, ay əzizlərim, bunun aşağıdan bircə kibrit çöpü ilə bir anın içərisində alışdığını bilirsinizmi?
O yanğına baxanda adam dəhşətə gəlirdi. Bir dəqiqənin içərisində binanı aşağıdan düz 9-cu mərtəbəyə qədər alov bürüdü. Yanan üzlük materialının zəhərli qaz buraxması binadakı insanların həyatı üçün nə qədər təhlükəli idi. İndi şükür Allaha ki, həmin insanların həyatı təhlükədən qurtarıb, zəhərlənən yoxdur. Yanğın günün günorta vaxtı baş vermişdi. Bu, gecə vaxtı olsaydı, nə baş verərdi, o insanları kim qurtarardı? O binada 403 nəfər adam yaşayır.
Bu tipli məsələlərə ciddi şəkildə yanaşılsın. Buna qadağa qoyulsun. Xaricdən bu cür materiallar gətirib Bakı şəhərini gözəlləşdirmək adı ilə guya yeni fasad gözəllikləri yaradan adamlara ciddi surətdə dur deməyin zamanıdır. Heç kim insanların taleyi ilə oynaya bilməz. Sabah bir təxribat nəticəsində yanğın binaların hamısına keçə bilər.
Mən hesab edirəm ki, hörmətli Milli Məclis rəhbərliyi də dövlət qurumlarında bu məsələ ilə bağlı öz kəskin sözünü deməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Burada məndən əvvəl qaldırılan məsələlərin çoxu hamımızın fikri olduğuna görə təkrar eləməyə ehtiyac duymuram. Mən hesab edirəm ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir.
31 mart dünya azərbaycanlılarının soyqırımı, 26 fevral Xocalı soyqırımı günüdür. Amma baxın, ermənilər heç vaxt olmamış erməni soyqırımını əbədiləşdirmək üçün o boyda abidə qurublar və Ermənistana gəlib-gedənlərin də hamısı onu ziyarət edir. Niyə uzadırıq və niyə Azərbaycanda bir dənə normal soyqırımı muzeyi, o tarixi göstərən bir abidə olmasın?
Roma Papası haqqında danışıldı. Onun yeni seçilən kimi belə bir bəyanatla çıxış eləməsi bu adamın dünya din-lərindən birinə rəhbərlik eləməyə layiq olmadığını göstərən bariz nümunədir. Əslində, dünyadakı bütün faciələri, soyqırımlarını, dünya müharibələrini törədən adamların hamısına Roma papaları dayəlik eləyib, onları yetişdiriblər. Min ildir dünyadakı fitnə-fəsadın da hamısının başında onlar dayanır. Roma kilsəsinin başının altından çıxır bunlar. Ona görə də soyqırımından danışanda birinci özlərinin tarixi keçmişlərinə nəzər salsınlar.
İkincisi də, bu adam Argentina əsillidir. Argentinada, bilirsiniz ki, erməni mafiyası at oynadır. Orada erməni pulu kifayət qədər təsirli bir vasitədir. İndi maraq doğurur, bu adam deyir ki, Türkiyədə erməni soyqırımı olub. O zaman Türkiyədə 1 milyon 200 min erməni yaşayırdı. İndi iddia edirlər ki, o vaxt Türkiyədə 1 milyon 500 min erməni öldürülüb. Türkiyə cəmiyyəti buna cavab verir, bəs bu milyon yarım erməni harada basdırılıb, bunların məzarı haradadır? Roma Papasından soruşmaq lazımdır ki, o vaxt dünyada cəmi 1 milyon 200 min erməni var idisə və onlar da öldürülübsə, Argentinada yüz minlərlə, Amerika Birləşmiş Ştatlarında milyona yaxın, dünyada 10 milyona yaxın erməni haradan peyda olub?
Papa Azərbaycanla Ermənistanı barışığa çağırır. Əslində, dünyanın bu gün barışığa çağırışları Ermənistana “Azərbaycanın 20 faiz torpağından əl çək” deməsidir. Yəni işğal davam etdikcə, işğalın nəticələri aradan qalxmadıqca hansı barışıqdan söhbət gedə bilər? Ona görə ədalətli, vicdanlı adam ən azı Ermənistana “işğalçılıqdan əl çək” deməli, ondan sonra tərəfləri barışığa dəvət eləməlidir.
Məncə, biz Milli Məclis olaraq Roma Papasının bu bəya-natına hər hansı bir məktubla öz etirazımızı bildirməli və bu məsələdə Türkiyənin yanında olduğumuzu bir daha bəyan eləməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, media mənsubları! Mən sizin diqqətinizi Baş Prokurorluğun son günlər qəbul etdiyi çox mühüm bir qərara cəlb etmək istəyirəm. Bilirsiniz ki, bir neçə gün bundan öncə Baş Prokurorluq Slovakiyanın keçmiş spikeri Frantişek Mikloşko haqqında cinayət işi açıb. Bu şəxs dəfələrlə qanunsuz olaraq Azərbaycanın dövlət sərhədlərini keçərək Dağlıq Qarabağa gedib, Dağlıq Qarabağda olan separatçı rejimin beynəlxalq aləmdə tanıtımı ilə bağlı fəaliyyət göstərib. Bütövlükdə isə bölgədə dini və irqi ayrı-seçkiliklə bağlı çox qanunsuz hərəkətlərə yol verib və Baş Prokurorluq haqlı olaraq bu şəxs haqqında cinayət işi açıb. Təqdir olunası hal ondan ibarətdir ki, Nəsimi Rayon Məhkəməsi də həmin şəxsin dərhal həbs olunaraq istintaq orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib, yəni onun həbsi ilə bağlı qətimkan tədbiri seçib. Bilirsiniz ki, İnterpolun Milli Mərkəzi Bürosu da artıq həmin şəxsin axtarışı ilə məşğuldur.
Bu nəyə görə önəmlidir? Bu ona görə önəmlidir ki, artıq Azərbaycanın hüquq mühafizə orqanları bu cür qanunsu-zluqla bağlı konkret addımlar atır. Bunun həm çəkindirici, həm də başqaları üçün dərs olacaq tərəfi var. Hesab edirəm ki, bundan sonra da qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslərə qarşı bu cür ciddi addımlar atılmalıdır.
Mən bizim müdafiə nazirinin verdiyi bəyanatla bağlı bir-iki kəlmə demək istəyirəm. Bütövlükdə Müdafiə Nazir-liyinin və cənab Zakir Həsənovun son illər həyata keçirdiyi işləri mən təqdir edirəm. Bu gün Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını çox uğurla alır. Amma bir məqam məni narahat edir. Müdafiə naziri dünən verdiyi bəyanatda qeyd etdi ki, Ermənistan işğal etdiyi ərazilərdə əsgər çatışmazlığı üzündən postlarda keşik çəkməyə artıq mülki şəxsləri cəlb edir. Hətta Suriya və Livandan bura muzdlular cəlb olunub. Bu, təbii ki, bizim üçün yeni fakt deyildir. Müharibənin aktiv mərhələsində də biz bunun şahidi idik. Amma bu, istənilən halda bizi ciddi şəkildə narahat etməlidir.
Mən hesab edirəm ki, ən azı buna ATƏT-in Minsk qru-punun həmsədrləri münasibət bildirərək bir daha Ermənis-tanın bu qanunsuz hərəkətinə siyasi qiymət verməlidir. Biz dəfələrlə demişik ki, bu gün Suriyadan, Livandan, Şimali Afrikadan qanunsuz olaraq ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilir, məskunlaşdırılırlar. Er-məni tərəfi onlardan hətta sipər kimi də istifadə edir. Təbii ki, bu, qınanmalı və buna siyasi qiymət verilməlidir. Çox sağ olun.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlarım, hörmətli media işçiləri! Mən deyilənləri təkrar eləmək istəmirəm. Onsuz da hamıya məlumdur ki, Papanın bəyanatı da, antiazərbaycan qüvvələrinin həqiqətdən uzaq olan uydurma məlumatlar yayaraq Azərbaycanın imicinə zərər vurmaq cəhdləri və ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını boykot etmək çağırışları da Azərbaycanın son 15 ildə əsrlərə bərabər bir inkişaf yolu keçməsinin, sürətli tərəqqisinin onlarda doğurduğu qısqanclıqdan qaynaqlanır. Bu həm də Azərbaycanın qaz strategiyasının uğurları və Avropa ölkələrinə boru kəmərlərinin çəkilməsi, dəmir yollarının açılması ilə əlaqədardır. Əlbəttə, tərəqqi olan yerdə qısqanclıq da olur. Digər tərəfdən, Roma Papasının bəyanatı, sözsüz ki, onun dini təəssübkeşliyi, erməni dindaşlarla həmrəyliyi ilə də əlaqədardır. Burada təəccüblü bir şey yoxdur. Ona görə mən hesab edirəm ki, bu mövzuda deyilənləri təkrarlamaq yersizdir.
Mən cənab Prezidentin bu yaxınlarda qiymət və tariflərlə əlaqədar narahatçılığına münasibət bildirmək istəyirəm. Hələ 2003-cü ilin may ayında biz Milli Məclisdə “Tənzimlənən qiymətlər haqqında” Qanun qəbul eləmişik. Həmin qanuna uyğun olaraq tarif şurası yaradılanda mən öz münasibətimi bildirmişəm ki, tarif şurası yox, qiymət və tariflər şurası yaradılmalıdır. Ondan sonra bunu Tarif (qiymət) Şurası şəklində yazıblar. Halbuki burada əyləşən iqtisadçı deputat həmkarlarım da gözəl bilirlər ki, tarif qiymət amilinin 25 faizi səviyyəsindədir. Ona görə də “Tarif Şurası” adı, mən hesab edirəm ki, qəbuledilməzdir. Mən təklif edirəm ki, ulu öndər tərəfindən imzalanmış həmin qanuna hörmət mənasında bu belə yazılsın: “Qiymət və Tariflərin Tənzimlənməsi Şurası”. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələri sona çatdırırıq. An-caq Zeynəb xanıma da söz verək. O çox az-az danışır. Buyurun, Zeynəb xanım.
Z.Xanlarova. Oqtay müəllim, burada çox Papa-Papa deyirlər. Mən belə hesab edirəm ki, qırxı çıxmış Papanın haqqında danışmağa dəyməz. Çünki bu adamın yan-yörəsi, bilirsiniz ki, bizə qarşı olan düşmənlərdir. Əlbəttə, onun başı yerində olsa, onlara qulaq asmaz, öz başı ilə iş görər.
Bilirsiniz ki, mən Amerikadan təzə gəlmişəm. Səfərim bir ay çəkdi. Orada müxtəlif insanlarla görüşlərim oldu. Hətta Nyu-York şəhərinin meri ilə də görüşdüm. Özü gəlmişdi konsertə. Azərbaycan haqqında elə məhəbbətlə danışırdı ki, bəlkə heç öz azərbaycanlımız bu məhəbbəti onun kimi ifadə edə bilməz. Deyirdi, Azərbaycan elə gözəlləşib və indi elə ürəkaçan vəziyyətdədir ki, az qalıram ailəmlə Azərbaycana köçüm. Mən Azərbaycana tez-tez gəlir və hər dəfə də fərəh doğuran dəyişikliklər, yen gözəlliklər görürəm.
Orada bir ravvinlə də görüşdüm. Özü mənimlə görüşməyə gəlmişdi. O dedi ki, Zeynəb xanım, mən xahiş edirəm, burada yaşayan yəhudilərin sözlərini Azərbaycan Prezidentinə çatdırın. Azərbaycana bizim məhəbbətimiz həddindən artıq çoxdur. Görün, biz Azərbaycanı nə qədər sevirik ki, sinaqoqumuzda Azərbaycan bayrağını asmışıq. Biz sizin uğurlarınızla fəxr edirik. Azərbaycan həm də bizimdir. Prezidentimizə deyin, Azərbaycan üçün nə lazımdırsa, biz əlimizdən gələni etməyə hazırıq. Mən onlara “çox sağ ol” deyib təşəkkürümü bildirdim.
Amma təəssüflər olsun, hətta Azərbaycanda bəzi adamlar var ki, kor gözləri ilə bu gözəllikləri görmürlər. Bu hal qarşısında mən söz tapa bilmirəm. Bu inkişafı görməmək baxa-baxa kor olmaq deməkdir. Bunları mən bəlkə də danışmazdım. Bilirsiniz ki, mən ancaq öz gözlərimlə gördüyüm, öz qulaqlarımla eşitdiyim həqiqətləri sizə çatdırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Zeynəb xanım. Bu gün cari məsələlərin müzakirəsinin leytmotivi iki fikir oldu. Biri ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan antimilli siyasət, biri də Roma Papasının erməni soyqırımını tanıması haqqında.
Antimilli siyasət haqqında danışarkən bir şeyi xüsusi qeyd etmək istərdim. Mən öz millətimi çox istəyən adamam. Ancaq bizim millətin çatışmayan bir xüsusiyyəti də var – biz müxalifətli, iqtidarlı milli məsələlərdə birləşməyi bacarmırıq. Hər dəfə bunu deyirik. Yəni mən hələ ermənilərdə görməmişəm ki, bunlar milli məsələlərdə bir-birinin əksinə getsin. Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkəmiz üçün o qədər yüksək əhəmiyyətə malik bir məsələdir ki, buna qarşı yalnız Azərbaycanı, xalqını istəməyən insan çıxa bilər. Yəni hər dəfə bunu qeyd eləmək artıq bir şeydir.
O ki qaldı Roma Papasının sözlərinə, ay əzizlərim, Vatikan... Mən o Vatikanda olmuşam. Məni bütün Vatikanı gəzdiriblər. Vatikanın arxa həyəti ilə tanışlıq zamanı gördüm, orada bir heykəl var. O dildə az-çox bir az oxuya bilirəm. Erməni katolikosunun heykəli idi. Sual verdim ki, sizdə bu katolikos heykəli nədir? Dedilər, bu da bizim kar-dinaldır. Yəni onlar katolikosu, – bilmirəm, bu, düz çıxar, çıxmaz, – öz kardinalları sayırlar. Amma arxa qapıda olan kardinaldır. Yəni onlar həmişə arxa qapıdan gələn olublar. Erməni katolikosunu özünə kardinal kimi qəbul edən Vatikandan biz niyə inciməliyik? Ya biz, ya Türkiyə? Bu onların siyasətidir.
Sabir Rüstəmxanlı Argentina haqqında danışdı. Latın Amerikasında ermənilərin ən güclü diasporu Argentinadadır. O diasporun başında duran Eduard Ernekyandır ki, onun da gücü hamıya məlumdur. Yəni bu məsələlərə biz çox belə kəskin reaksiya verməli deyilik. Bir şey var ki, dünyada siyasətlə siyasətçilər məşğul olmalıdır. İnsanları sülhə dəvət edən din xadimləri siyasətə qarışmamalı, ikili standartlara getməməlidirlər. 100 il bundan öncə olmuş və indiyə kimi tarixi araşdırılmamış bir məsələni şişirdib dünya səviyyəsinə çıxarır, amma 20 il bundan qabaq olan Xocalı məsələsi haqqında bir kəlmə danışmırlar. Halbuki bunun sübutu, videoyazısı, fotoşəkilləri – hamısı stolun üstündədir.
Mən keçən dəfə də demişdim. O dövrdə Türkiyədə cəmi 1 milyon 200 min erməni yaşayıb. O 1 milyon 200 min er-məninin təxminən 800 mini, – sənədlər var, türk qardaşlarımız deyir, gəlsinlər, baxsınlar, –Amerikaya, Fransaya, Suriyaya, başqa ölkələrə köçüb. Bu sənədləri açmırlar. İndi məlum olur ki, sən demə, 1 milyon 200 min erməninin yaşadığı Türkiyədə türklər 1 milyon yarım erməni qırıblar. Yaxşı, onda bu 1 milyon yarım erməninin məzarı haradadır? Mən keçən dəfə dedim, ölənlər balalayırlarmı? Bu məsələləri tarixçilər araşdırmalıdırlar. Bu, din xadimlərinə aid məsələ deyil.
Əfsuslar olsun ki, o boyda bir dini rəhbər – Roma Papası belə düzgün olmayan fikirləri dəstəkləyir. Ancaq burada ona məktub yazmağın, söz deməyin mənası yoxdur. Kökünü başa düşdünüz ki, bu nədir. Erməni katolikosunu kardinal qəbul edən bir dövlətin münasibəti belə olacaq.
İndi müzakirələri bitirdik. Xahiş edirəm, keçək gündəliyə. Gündəliyin birinci məsələsi – Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Oqtay müəllim. Hörmətli Milli Məclis, qonaqlar! Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılıbdır. Onun vəzifəsi ərazi vahidlərinə ad vermək, onların adlarını dəyişdirmək, tarixi adlarını bərpa etmək və dəqiqləşdirmək prosesində rəy verməkdən ibarətdir. Bu müddət ərzində Toponimiya komissiyası Milli Məclisin işində çox fəal iştirak edib və öz töhfəsini veribdir.
Bilirsiniz ki, Toponimiya komissiyasının iki üzvü – Toponimiya komissiyasının sabiq sədri Budaq Budaqov və Həsən Mirzəyev vəfat ediblər. Komissiyanın üç üzvünün yeni işi ilə əlaqədar Toponimiya komissiyasının tərkibində fəaliyyət göstərmək imkanı yoxdur. Təklif olunur ki, Toponimiya komissiyasına yeni iki üzv seçilsin. Bunlardan biri bizim həmkar, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, digəri isə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məm-mədovdur. Xahiş edirəm, bu təklifə münasibətinizi bild-irəsiniz. Sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Mən adları çəkilən hər iki şəxsi, təbii ki, layiqli namizəd hesab edirəm və onların seçilməsinə səs verəcəyəm. Amma bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu günlərdə mən bizim deputat həmkarımız hörmətli Musa Quliyevin “Zəngəzur toponimləri” adlı çox dəyərli bir əsərini oxudum və o əsəri bu sahədə qaneedici araşdırmalardan biri kimi qiymət-ləndirdim.
Mən bilmirəm, indi burada prosedur necədir. Amma hər halda mən çox istərdim, əgər belə bir imkan varsa, tarixi adların araşdırılması ilə məşğul olan, bu sahədə çalışan peşəkar insanlar da gələcəkdə bu komissiyada yer alsın. Çünki, həqiqətən, bütün o erməniləşmiş adların hamısının mənbəyini yüksək səviyyədə ortaya çıxaran, onu əsaslan-dıran bir kitab ərsəyə gətiribdir. Mən tövsiyə edərdim, deputat həmkarlarımız da o kitabla tanış olsunlar. Məncə, Musa Quliyevin də gələcəkdə bu komissiyada olması faydalı olardı. Diqqətinizə görə sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən bilirəm, bizdə həm Yaqub müəllim, həm də Musa müəllim o komissiyadadır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İkinci məsələ – Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə. Buyursun Elton Məmmədov.
E.Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi haqqında məlumatı hörmətli həmkarlarımızın diqqətinə çatdırmamışdan öncə xatırlatmaq istəyirəm ki, Milli Məclis BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasını 1995-ci ildə, Konvensiyanın Kioto Protokolunu isə 2000-ci ildə ratifikasiya etmişdir.
Kioto Protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi başa çatdıqdan sonra onu əvəz edə biləcək digər qlobal razılaşma sənədi olmadığından 2012-ci ilin dekabr ayında Kioto Protokoluna İstixana effekti yaradan qaz tullantılarının azaldılması üzrə Doha Düzəlişi qəbul edilmişdir. Bu düzəliş 2013-cü ildən 2020-ci ilə qədər olan dövr üçün Kioto Protokolunun ikinci mərhələsi üzrə fəaliyyətləri tənzimlənmə mexanizmini təmin edir. Düzəlişdə Avropa Birliyinə üzv ölkələr sənaye ölkələri tullantılarının məhdudlaşdırılması və ya azaldılması üzrə kəmiyyət öhdəlikləri götürmüşlər. Ölkəmiz sözügedən düzəliş çərçivəsində tullantıların azaldılması üzrə heç bir konkret kəmiyyət öhdəliyi götürmür və ancaq tullantıların azaldılmasına xidmət edən layihələrin həyata keçirilməsinə dəstək verəcəkdir.
Məsələyə komitəmizdə aidiyyəti üzrə baxılmış və layihənin Milli Məclisin plenar iclasında qəbul olunması tövsiyə edilmişdir. Ona görə hörmətli həmkarlarımı təqdim etdiyimiz qanun layihəsinə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Astan müəllim, dəyişikliyə nə isə əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Üçüncü məsələ – “Beynəlxalq dəmiryol daşımaları haqqında” Konvensiyaya qoşulmaq barədə qanun layihəsi. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Beynəlxalq dəmiryol daşımaları haqqında” Konvensiya 1985-ci il 1 may tarixində qüvvəyə minmişdir. Konvensi-yanın əsas məqsədi üzv dövlətlər arasında dəmir yolu nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşınmalarına vahid qaydaların tətbiq edilməsi, bu sistemin inkişaf etdirilməsi, eləcə də bu sahədə dövlətlərarası əməkdaşlığın təmin olunmasından ibarətdir.
Azərbaycan Respublikasının Konvensiyaya qoşulması ilə əlaqədar olaraq aidiyyəti dövlət orqanlarının rəy və təklifləri öyrənilmiş, Azərbaycan Respublikasının Konvensiya ilə bağlı qeyd-şərt və bəyanatlarının layihəsi Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Konvensiyanın mətni Azərbaycan dilinə tərcümə olunaraq onun rəsmi mətnə uyğunluğuna dair Xarici İşlər Nazirliyi tərəfindən müsbət rəy verilmişdir.
Layihədə Azərbaycan Respublikasının Konvensiya ilə bağlı qeyd-şərt və bəyanatları da öz əksini tapmışdır. Belə ki, Konvensiyaya dair Azərbaycan Respublikasının xüsusi siyasi bəyanatının birinci bəndində göstərilir ki, Konvensiya və onun əlavələrinin heç bir müddəası birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikası üçün onun ərazisi ilə Ermənistan Respublikasının ərazisi arasında dəmiryol nəqliyyatı bağlantısı yaratmaq və ya bərpa etmək öhdəliyi kimi başa düşülə bilməz. Xüsusi bəyanatın ikinci bəndində göstərilir ki, Konvensiya və onun əlavələrinin müəyyən müddəaları Azərbaycan Respublikasının ümumi hüququnda mövcud olan məhdudiyyətlərə uyğun olaraq tətbiq ediləcəkdir.
Konvensiyanın qəbulu, şübhəsiz ki, Azərbaycanın Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizindən daha səmərəli isti-fadə etməsinə şərait yaradacaqdır. Ona görə millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Dördüncü məsələ – “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə. Buyursun Valeh müəllim Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! 30 maddə, 12 əlavə, 1 qoşmadan, ümumilikdə 200 səhifədən ibarət bir sənədi qısa bir müddətdə təqdim etmək çox çətin bir məsələ olduğuna görə aprelin 2-də hamınızı komitəmizin iclasına dəvət etmişdik. İclasa bizim komitənin üzvlərindən başqa 30-a yaxın deputat qoşulmuşdu. Onlardan da üçü komitə sədrləri idi. Mən onların hamısına minnətdarlığımı bildirirəm.
Xatırladım ki, bu, artıq 34-cü belə sazişdir. Burada elə bir deputat yoxdur ki, bir dəfə də olsun bu cür sazişləri dinləməsin, qəbul edilməsində iştirak etməsin. Ona görə də mən çalışaram, bu sazişin xüsusiyyətlərinə aid olan mə-qamları bir az qısa şəkildə diqqətinizə çatdırım.
Saziş və “Xəzər dənizinin Azərbaycan sektorunda Ab-şeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçi-rilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 10 mart tarixli 1/70 saylı məktubu ilə Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Təqdim edilmiş qanun layihəsi və adı çəkilən saziş bayaq dediyim kimi, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2 aprel tarixli iclasında müzakirə edilmiş və Milli Məclisin müzakirəsinə təqdim olunması tövsiyə edilmişdir.
Təqdim edilən saziş imzalanmamışdan öncə, hər zaman olduğu kimi, tərəflər arasında aparılan danışıqların nə-ticəsində gələcəkdə imzalanması nəzərdə tutulan sazişin əsas prinsip və müddəalarına dair müqavilə imzalanmışdır. Razılaşdırılmış əsas prinsip və müddəalara uyğun olacaq sazişi hazırlamaq, Azərbaycan Respublikası adından imzal-amaq, sazişin qüvvədə olduğu bütün müddət ərzində ona aid olan bütün məsələlər üzrə sazişin tərəfi kimi Azərbaycan Respublikasını təmsil etmək səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 994 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinə verilmişdir. Nəticə olaraq təqdim edilmiş saziş 2014-cü il dekabr ayının 22-də Bakı şəhərində imzalanmışdır.
Gördüyünüz kimi, bu sazişin tərəfləri hökumət təşkilatı olan və sazişin tərəfi olaraq Azərbaycan Respublikasını təmsil edən Dövlət Neft Şirkəti və podratçı qismində çıxış edən iki şirkət – BP Eksploreyşn (Azərbaycan) Limited və Dövlət Neft Şirkəti tərəfindən yaradılaraq onun tam nəzarətində olan Ortaq Neft Şirkətidir.
Əlavə 2-də göstərilmiş kontrakt sahəsi təxminən 1900 kvadratkilometrdən ibarətdir. Podratçı tərəflərin iştirak payları eynidir – BP Eksploreyşn 50 faiz, Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti 50 faiz.
Xüsusi qeyd etmək lazımdır ki, Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti iştirak payına düşən öhdəlikləri aşağıda göstərilən şərtlərlə yerinə yetirməyə borcludur. Bu şərtlər nədən ibarətdir? Əgər ilkin kəşfiyyat dövründə BP tərəfindən aparılan və maliyyələşdirilən işlər nəticəsində perspektiv strukturda və ya strukturlarda kommersiya dəyəri olan neft ehtiyatları aşkar edilsə, BP tərəfindən Dövlət Neft Şirkətinə kəşf və onun kommersiya dəyəri haqqında yazılı bildiriş təqdim ediləndən sonra 6 ay müddətində perspektiv strukturun işlənmə proqramı hazırlanıb Dövlət Neft Şirkətinə təqdim edilsə və bu proqram Dövlət Neft Şirkəti tərəfindən təsdiq edilsə, bundan sonra Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti özünün 50 faizlik iştirak payına düşən öhdəlikləri yerinə yetirməyə borcludur. Bunu söyləməkdə məqsədim ondan ibarətdir ki, Ortaq Neft Şirkətinin ən riskli dövrdə heç bir öhdəlikləri yoxdur.
Təbii ki, podratçı tərəflərə bu Sazişdə verilən hüquqlarla bərabər, podratçı tərəflərin götürdüyü öhdəliklər, verdikləri zəmanətlər sazişdə öz əksini tapıb. Bunlardan ancaq bir neçəsini xatırladım. Podratçıya sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarını aparmaq üçün vahid və müstəsna hüquq verilir. Bununla bərabər, podratçı neft-qaz əməliyyatlarını beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş və tətbiq edilən prinsiplərə, qaydalara, stan-dartlara uyğun olaraq təhlükəsiz və səmərəli şəkildə aparmağı öhdəsinə götürür.
Podratçı tərəflərin fəaliyyəti ilə bağlı məhdudiyyətlərdən iki önəmli məhdudiyyəti xatırladım. Bu sazişdə podratçı tərəflərə karbohidrogen ehtiyatları ilə bağlı neft-qaz əməliyyatlarından başqa hər hansı digər təbii ehtiyatlarla bağlı fəaliyyət növləri ilə məşğul olmaq hüquqları verilmir. Əgər sazişin qüvvədə olduğu müddət ərzində podratçı tə-rəflərin əməliyyat məsrəflərinin və əsaslı məsrəflərinin ödənilməsi üçün ayrılmış karbohidrogen həcmləri bu məsrəflərin ödənilməsini təmin etmirsə, podratçı tərəflərin əvəzi ödənilməmiş məsrəflərinin hər hansı başqa bir şəkildə və ya hər hansı başqa bir mənbədən ödənilməsi mümkün deyil.
Neft-qaz əməliyyatlarının maliyyə təminatı. Bu Sazişin qüvvəyəminmə tarixindən başlayaraq perspektiv struktur-ların işlənmə proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiq edildiyi tarixədək aparılan işlərin maliyyələş-dirilməsini ancaq bir podratçı tərəf – BP Eksploreyşn (Azərbaycan) Limited Şirkəti təmin edir. Önəmli bir məqamı diqqətinizə çatdırım. Qüvvəyəminmə tarixindən ilkin kəşfiyyat dövrünün sonuna qədər aparılmış işlərin maliyyələşdirilməsinə, eləcə də sazişin 4.5d bəndində göstərilmiş əsaslarla podratçı tərəfindən tərk edilmiş sahələrdə aparılmış işlərin maliyyələşdirilməsinə çəkilən xərclər digər podratçı tərəfə, yəni BP-yə ödənilmir.
Sazişin müddəti və iş dövrləri. Sazişin müddəti üç dö-vrdən ibarətdir: ilkin kəşfiyyat dövrü, əsas kəşfiyyat dövrü, işləmə və hasilat dövrü. İlkin kəşfiyyat dövrü Sazişin qüvvəyəminmə tarixindən başlayaraq 30 ay davam edə bilər. Əgər bu dövrdə kəşfiyyat işlərini aparan və maliyyələşdirən podratçı tərəf, yəni BP kontrakt ərazisində perspektiv strukturlar haqqında 30 ay bitməmiş Dövlət Neft Şirkətinə yazılı bildiriş versə, ilkin kəşfiyyat dövrü bu tarixdə bitmiş hesab edilir.
İlkin kəşfiyyat dövründə podratçı kontrakt sahəsində ən azı min kilometr sahədə üç ölçülü seysmik tədqiqat işləri və ən azı min kilometr uzunluğunda iki ölçülü seysmik tədqiqat işləri aparmalıdır. Bununla bərabər, bütün kontrakt sahəsini əhatə edən ətraf mühitə təsirin qiymətləndirməsini aparmalıdır.
Bir daha xatırladım ki, sazişin qüvvəyəminmə tarixindən başlayaraq ilkin kəşfiyyat dövrünün sonuna qədər çəkilmiş məsrəflər BP tərəfindən maliyyələşdirilir.
İlkin kəşfiyyat dövründə öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi şərti ilə podratçı ilkin kəşfiyyat dövrünün sonuna qədər Dövlət Neft Şirkətinə podratçının nöqteyi-nəzərindən potensial karbohidrogen yatağı ola bilən sahə və ya strukturların perspektivliyi haqqında yazılı bildiriş verərsə, əlavə kəşfiyyat işləri aparmaq üçün dördə qədər perspektiv sahə, struktur seçə bilər. Bu halda podratçıya əsas kəşfiyyat dövrünə daxil olan müvafiq işlərin aparılması hüququ verilir.
Əsas kəşfiyyat dövrü müvafiq sahə və ya struktura münasibətdə perspektivlik bildirişinin verildiyi tarixdən başlayır və 3 il təşkil edir. Əsas kəşfiyyat dövründə podratçı hər perspektiv sahədə, strukturda müvafiq mühəndis-geoloji tədqiqatları və ətraf mühitə təsirin qiymətləndirilməsini həyata keçirməli, ən azı bir kəşfiyyat quyusu qazıb bitirməlidir. Əgər podratçı əsas kəşfiyyat dövrü üçün götürdüyü öhdəliyi yerinə yetirməsə, Dövlət Neft Şirkəti bu sazişə xitam verə bilər. Bu halda sazişin qüvvəyəminmə tarixindən sazişə xitam verilən tarixə qədər podratçının çəkdiyi məsrəflərin əvəzi ödənilmir.
Aparılan kəşfiyyat işləri nəticəsində podratçının nöqteyi-nəzərindən hər hansı perspektiv sahə strukturunda kommersiya dəyəri olan karbohidrogen ehtiyatları aşkar edilibsə və podratçı bununla əlaqədar Dövlət Neft Şirkətinə əsas kəşfiyyat dövrünün sonuna qədər kəşf və onun kommersiya dəyəri haqqında müvafiq yazılı bildiriş təqdim edibsə, kəşf və onun kommersiya dəyəri haqqında yazılı bildirişi təqdim etdiyi tarixdən 6 aydan gec olmayaraq Dövlət Neft Şirkətinə həmin perspektiv sahəyə dair işlənmə proqramını təsdiq üçün təqdim etməlidir. Əgər hər hansı bir perspektiv struktura dair kəşf və onun kommersiya dəyəri haqqında bildiriş podratçı tərəfindən Dövlət Neft Şirkətinə zamanında təqdim edilmirsə, podratçı bu strukturla əlaqədar hüquqlarını itirmiş olur.
Perspektiv sahə işlənmə proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiq edildiyi tarixdən işlənmə sahəsi kateqori-yasına keçir. Hər işlənmə sahəsində işlənmə və hasilat dövrü işlənmə proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiq etdiyi tarixdən başlayır və həmin tarixdən etibarən 23 il davam edir. Təbii ki, işlərin gedişatından asılı olaraq lazım gəldikdə Dövlət Neft Şirkətinin razılığı ilə bu müddət artırıla bilər.
İşlənmə proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiq edildiyi tarixdən 36 aydan gec olmayaraq podratçının sənaye hasilatına başlamaq hüququ və öhdəliyi var. Yəni 36 aydan gec olmayaraq işlənmə sahəsində ilkin hasilata başlanmalıdır.
Hər zaman olduğu kimi, sazişdə əməliyyat şirkəti və işçi heyəti ilə bağlı məsələlər çox geniş şəkildə öz əksini ta-pıbdır. Burada iki əməliyyat şirkəti – ARDNŞ-nin Ortaq Neft Şirkəti və BP Eksploreyşn (Azərbaycan) Limited bə-rabərhüquqlu tərəfdaşlar kimi yaradılır, çünki hərəsinin 50 faiz iştirak payı var. Bunlar tərəfindən razılaşdırılmış birgə əməliyyat sazişin şərtlərinə uyğun olaraq aparılır və idarə edilir.
Önəmli məsələlərdən biri də bu şirkətlərin işçi heyətinin tərkibində Azərbaycan personalının nə qədər olması ilə bağlıdır. Bunlar slaydda göstərilibdir. Təcrübə göstərir ki, adətən, birinci gündən başlayaraq Azərbaycan personalının sayı sazişdə müəyyənləşdirildiyindən də artıq olur.
Sazişdə belə bir şərt var ki, hər il podratçı tərəflər Azərbaycan personalının təlimi və təkrar təlimi üçün 200 min dollardan aşağı olmayan məsrəf çəkməlidir. Aşağı olsa, bu məsrəflər ödənilmir, ancaq 200 min dollardan artıq olan məsrəflər ödənilir. Bu da podratçını Azərbaycan per-sonalının təlimi və təkrar təlimi üçün artıq məbləğlər sərf etməyə məcbur edir.
Məsrəflərin əvəzinin ödənilməsi və mənfəət karbohidro-genlərin bölüşdürülməsi. Podratçı tərəflərdən hər birinin işlənmə sahəsində apardığı neft-qaz əməliyyatına sərf etdiyi məsrəflərin əvəzini həmin işlənmə sahəsində hasil edilmiş karbohidrogenlərin ümumi həcmindən almaq hüququ var. Hər zaman olduğu kimi, birinci növbədə əməliyyat məsrəflərinin əvəzi ödənilməlidir. Slaydda göstərildiyi kimi, əsaslı məsrəflərin əvəzi həcmin bir hissəsindən müvafiq dərəcələrə uyğun şəkildə ödənilir. Bundan sonra qalan xam neft həcmləri bölünür. Yadınıza salım ki, mənfəət karbohidrogenləri cədvəlində istifadə edilən R əmsalı podratçı tərəflərin əvəzi ödənilmiş kumulyativ əsaslı məsrəflərinin üstəgəl podratçı tərəflərin mənfəətlərinin kumulyativ əsaslı məsrəflərinə bölünməsi nəticəsində alınır. Bu, layihənin mənfəətliyini göstərən bir əmsaldır və mənfəət karbohidrogenlərinin bölgüsü buna uyğun aparılır.
Slaydda göstərildiyi kimi, R əmsalı sıfırdan 1,5 səviy-yəsinə çatana qədər mənfəət karbohidrogenlərinin 55 faizi Dövlət Neft Şirkətinin, 45 faizi isə podratçı tərəflərin payına düşür. Dövlət Neft Şirkətinin payı deyiləndə dövlətin payı nəzərdə tutulur və slaydda göründüyü kimi, R əmsalı 1,5-dən 2-yə qədər olduğu dövrdə mənfəət karbohidrogenlərinin 60 faizi dövlətin payına, 40 faizi podratçı tərəflərin payına düşür.
Beləliklə, slaydda göstərildiyi kimi, mənfəət karbohidro-genlərinin həcmi və dəyəri artdıqca dövlətin payı 90 faizə qədər artır, podratçı tərəflərin payı 10 faizə qədər azalır. Həmin cədvəldə podratçı tərəflərin paylarına düşən mənfəət karbohidrogenlərinin bölgüsünü hər bir podratçı tərəfin iştirak payına müvafiq göstərsək, növbəti slaydda gördüyünüz kimi, Dövlət Neft Şirkətinin, yəni dövlətin payına düşən karbohidrogenlər 55 faizdən 90 faizə qədər artır. ARDNŞ-nin Ortaq Neft Şirkətinin payı ayrıca göstəriləndə xarici podratçının payı 22,5-dən başlayır, 5 faizə qədər azalır.
Dövlətin payına düşən mənfəət karbohidrogenləri ilə Ortaq Neft Şirkətinin payına düşən mənfəət karbohidrogen-lərini birləşdirsək, görərik ki, ilkin mərhələdən başlayaraq Azərbaycanın payına düşən mənfəət karbohidrogenlərinin hissəsi 77,5 faizdir və bu rəqəmdən başlayaraq 95 faizə qədər artır. Mənfəət karbohidrogenlərində xarici podratçının payı 22,5-dən başlayır, 5 faizə qədər azalır. Bu, həm dövlətin, həm də podratçının maraqlarına uyğun şəkildə bölünməni təmin edən bir cədvəldir.
Hər zaman olduğu kimi, texnoloji proseslərdə sərf olunan həcmlərdən artıq qalan təbii səmt qazı podratçılar tərəfindən Dövlət Neft Şirkətinə çatdırılma məntəqəsində pulsuz təhvil verilməlidir. Çatdırılma məntəqəsi deyiləndə sahildə yerləşən terminal nəzərdə tutulur. Yəqin ki, xəbəriniz var, son illərdə Dövlət Neft Şirkəti bu gün işlənmədə olan kontrakt sahələrindən pulsuz olaraq neçə milyard kubmetr təbii səmt qazı almışdır. Davamı olaraq bu sazişdə də bu cür şərt nəzərdə tutulubdur.
Sazişdə rəhbər komitənin təsis olunması, işləməsi, po-dratçı tərəfin illik iş proqramlarını hazırlaması və Dövlət Neft Şirkəti ilə razılaşdırılması, ətraf mühitin qorunması, texniki standartlar, tətbiq edilən qanunlar, arbitraj, sığorta və sair məsələlər də öz əksini tapıbdır.
Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Torpaq sahələrinin satın alınmasına qanunla icazə veriləcəyi təq-dirdə podratçının neft-qaz əməliyyatları üçün satın aldığı torpaq sahələri alındığı gündən Dövlət Neft Şirkətinin mül-kiyyətinə keçir.
Bir məqam da əmlakla, qurğularla əlaqədar. Hər hansı işlənmə sahəsində məsrəflərin ödənilməsi sıfır balansına çatanda bütün əmlak, avadanlıq Dövlət Neft Şirkətinin bal-ansına keçir.
Əminəm ki, sazişin və müvafiq qanun layihəsinin lehinə səs verib qəbul edəcəksiniz. Millətimiz üçün, xalqımız üçün, dövlətimiz üçün uğurlu olsun, xeyirli olsun. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Valeh müəllimə bir daha minnətdarlığımı bildirirəm. Çünki komitənin geniş iclasında mən onun çıxışını dinləmişdim. Orada da münasibətimi bildirmişdim. Amma aldığım cavab məni qane etmədiyinə görə orada dediklərimi Milli Məclisin bu iclasında təkrar etmək istəyirəm.
Şübhəsiz, Valeh müəllim neft sahəsində çox görkəmli mütəxəssislərimizdən biridir və onun bu layihə ilə bağlı dedikləri də dəyərlidir. Ümumiyyətlə, layihə Azərbaycanın neft strategiyasının uzunömürlü olduğunu göstərir və şübhəsiz ki, millət vəkilləri də belə layihənin qəbul olunmasına sevinirlər. Biz bu layihəyə səs verəcəyik. Bu öz yerində.
Amma məni narahat edən başqa bir məsələ var və bunu komitənin geniş yığıncağında demişdim. Bir daha deyirəm. Min kvadratkilometrlik – təxminən 100 kilometr uzunu, 10 kilometr eni olan bir sahədir. Yəni Abşerondan çox-çox geniş, böyük bir sahədir. Bu sahə təxminən 150 ildir işlənir. 150 ildir buradan neft çıxarılır. Həmin sahədə olan Qum adasından, indi artıq təmizlənmiş köhnə İliç buxtasından və sair yerlərdən uzun illər neft çıxarılıb. Bu sahənin yeni bir kəşfiyyat obyektinə çevrilməsinə, əslində, ehtiyac yoxdur. Çünki 150 ildə burada dəfələrlə kəşfiyyat aparılıb. Söhbət bu sahəyə yaxın, dayaz sahələrdən gedir. Ona görə mən elə düşünmürəm ki, burada təzədən Amerika kəşf olunacaq, nə isə açılacaq, BP gəlib burada bizim bacarmadığımız hansısa bir işi görəcək. Bəri başdan bəllidir ki, burada neft də var, qaz da var. Sadəcə, bir hissəsi işlənib, bir hissəsi işlənməyib. Ona görə bunlar boynumuza minnət qoymasınlar ki, tapılmayan bir şeyi sizin üçün tapacağıq və buna görə sizdən pul da istəməyəcəyik. Bu, mənə elə gəlir ki, artıqdır və layihənin ən zəif nöqtələrindən biri budur.
Əlbəttə, dəniz sahələrində neft çıxarmaq çətindir və in-diyədək orada xarici mütəxəssislərin iştirakına ehtiyac var idi. Amma bir halda ki, biz həmin Qum adasından və Abşeronun çevrəsindən, hətta xeyli aralıda yerləşən Neft Daşlarından neft çıxarmağı bacarmışıq, həm də bu işi yüksək səviyyədə görmüşük, onda sahilə yaxın sahələri biz nəyə görə şərikli işləməliyik?
Azərbaycan son 25 ildə neft sahəsində çox böyük təcrübə qazanıb. Dünyanın qabaqcıl neft ölkələrindən biridir. Hələ sovet dövründə SSRİ-nin neft sənayesinin əsas hissəs Bakıda idi. Neft avadanlıqları burada istehsal olunurdu. Mənə elə gəlir ki, Azərbaycan bu sahədə liderliyi yenə də davam etdirə bilər. Bu işlərin çoxu yoxdursa, deməli, qurmaq lazım idi, qazanılan neft pullarının hesabına həm də neft sənayesini inkişaf etdirmək olardı. Onda biz deməzdik ki, bu texnologiya bizdə yoxdur. Niyə yoxdur? Yoxdursa, niyə 25 ildə yaradılmayıb? Qazanılan neft pulları ilə texnologiya niyə yaradılmayıb. Yaradıla bilərdi axı. Ona görə mən, necə deyərlər, ovcumuzun içində olan bu cür sahələrin şərikli işlədilməsinin səbəbini başa düşə bilmirəm, məntiqini anlamıram.
Bu, yalnız siyasi məqsədlə görülürsə, onda gəlin bu siyasi məsələni bir az təhlil edək. Çünki biz vaxtikən neft müqaviləsi bağlananda onun böyük iqtisadi xeyri ilə yanaşı, həm də siyasi dividendlərini düşünürdük. Ümid edirdik ki, bu şirkətlər xüsusilə Qarabağ məsələsində Azərbaycanın hüquqlarının qorunmasında bizə yardım edəcəklər. Çox təəssüf ki, bunu görmədik. Görsək də çox zəif şəkildə.
O şirkətlərin bağlı olduğu ölkələr bu məsələlərdə faktiki olaraq daim Ermənistanın yanındadırlar. Azərbaycandan qazanırlar, amma gedib Ermənistanın yanında dayanırlar. El arasında bununla bağlı “çörəyimizin duzu yoxdur” deyirlər. Bu siyasət, görünür, elə o məntiqə söykənir. Bunlar illər uzunu Azərbaycanda qazanıblar, böyük gücdürlər, dünya siyasətinə təsir etmək imkanları var, amma təəssüf ki, Azərbaycanın haqq işini müdafiə etmirlər. Görün indi həmin BP bu işləri Ermənistanda görsəydi, bu gün Ermənistanın mövqeyini dünyada hansı şəkildə müdafiə edərdi. Hər cür imkanları var, amma təəssüf ki, bu imkanlardan ədalətin müdafiəsi üçün istifadə olunmur. Əksinə, bunlar Azərbaycana gələndə onlarda bir müddət bizə qarşı hələ bir həqarətli meyl də var idi. Yeməklərini də özləri ilə kənardan gətirirdilər. Halbuki dünyanın ekoloji cəhətdən ən təmiz yemək-içməyi, meyvəsi elə Azərbaycandadır.
Ona görə mən Valeh müəllimin təqdimatına nə qədər hörmətlə yanaşsam da, bu şübhələrimi Milli Məclislə bölüşməyi özümə borc sayıram. Mən hesab edirəm, bu məsələdə biz bir azca tələsirik. Bu gün biz bütün mədənləri, perspektivli sahələri açıb, hamısını Avropa ilə, bizə o qədər də sadiq olmayan ölkələrlə paylaşırıq. Amma nəzərə alaq ki, günün birində bu da qurtaracaq. Dünyanın bir çox ölkələrinin bu sərvətləri ola-ola onu açmağa tələsmirlər. Çünki bu sərvət həm də gələcək nəsillərindir.
Bu millətin ömrü uzundur. Bu uzun ömürdə biz niyə hər şeyi birdən-birə sərf edib qurtarmağa çalışırıq? İndiki neft bəs etmir? Mənə elə gəlir ki, bəs edir. Azərbaycanın həyatını və hətta inkişafını təmin edir. Bakının və qonşu ölkələrin şəhərlərinin müqayisəsi göz önündədir. Belə olan halda hara tələsirik? Niyə bu təbii ehtiyatları sorub tükəndirməyə can atırıq? Valeh müəllim, güman edirəm, Siz məni düzgün başa düşürsünüz. Mən bəzi millət vəkillərindən fərqli olaraq orada dediyimi burada da deyirəm.
V.Ələsgərov. Mən üzr istəyirəm, icazə verin, cavab verim. Bu çox önəmli məsələdir. Bu cür sazişləri 34-cü dəfədir müzakirə edirik. Əfsuslar olsun ki, 34-cü dəfə eyni suala eyni cavab verirəm. Mən əvvəlki sazişləri də burada təqdim edəndə həmin sözlər deyilirdi.
Sabir müəllim, “Lənkəran-dəniz”, “Talış-dəniz” strukt-urları üzrə Saziş 1997-ci ilin iyununda imzalandı və ona 2013-cü ilin oktyabrında xitam verildi. Bu müddət ərzində xarici tərəfdaşlar kəşfiyyat işlərinə 133 milyon dollar sərmayə qoydular, Azərbaycan da cürbəcür ödənişlər şəklində 29,7 milyon vəsait qazandı. Heç bir şey tapmadılar və çıxıb getdilər. Bizim itirdiyimiz nə oldu? Biz qazandıq. Birincisi, bizim büdcəyə 29,7 milyon dollar para gəldi. İkincisi, biz kəşfiyyat işlərinə 133 milyon dollar xərcləmiş bir şirkətin hesabına o strukturlar haqqında məlumat aldıq. İndi bilirik ki, bu zonada nələr var və buna görə yaxınlıqdakı strukturlardan nə gözləmək olar.
Ümumiyyətlə, kəşfiyyatla əlaqədar statistikanı götürsək, dənizdə 23 və quruda 4 perspektiv struktur üzrə kəşfiyyat işlərinə xaric tərəfdaşlar 3 milyard dollardan artıq para qoymuş və bunlardan da 815 milyon dolları Azərbaycan büdcəsinə cürbəcür ödənişlər şəklində gəlmişdir. İndi mən təsəvvür edirəm, əgər Dövlət Neft Şirkəti kəşfiyyat işlərinə 3 milyard dollar qoyub bir şey tapmasaydı, bu gün onun vayını, toyunu necə tutmuşduq.
Biz ən riskli işləri başqa şirkətlərin hesabına aparırıqsa, burada nə günah var? Bunun hesabına hələ 800 milyon pul da qazanırıq, infrastruktur da yaradırıq. Bu gün Xəzər dənizində bizim böyük problemlərimizi həll edən iki qazma qurğusu Azərbaycanda bir qəpik də qazanmamış şirkətlərin hesabına tikilibdir. Onlar olmasaydı, bu gün Xəzər dənizində qazma işlərini bugünkü templə apara bilməzdik. O iki qazma qurğusunun tikilməsinə bir qəpik də qoymadıq.
Bizim bir qazancımız da yeni strukturlar haqqında məlu-mat almaq, sabaha hazır olmaqdır. Bugünkü mədənlərdə neft hasilatı bu səviyyədə 100 il davam etməyəcək ki. Sabah hasilat aşağı düşəndə yeni yataqları işə buraxmağa hazır olmalıyıq. Biz bu gün kəşfiyyat işlərin apar-masaq, 5 ildən, 10 ildən sonra aşağı düşən hasilatı nə ilə əvəz edəcəyik?
Ona görə çox xahiş edirəm, Azərbaycan mütəxəssislərinə inanasınız. Azərbaycan mütəxəssislərinin yüksək səviyyədə olduğuna inana bilərsiniz. Mən sözümə cavabdehəm. Məsələn, “Azəri-Çıraq”la bağlı sazişdə olan mənfəətlilik dünyada heç bir sazişdə yoxdur. Bu, Azərbaycan mütəxəssislərinin işinin göstəricisidir. Şübhə ilə yanaşmayın. Sizin kimi biz də vətənpərvərik. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Yazılanlardan təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc, buyur.
Z.Oruc. Çox təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən ilk növbədə hörmətli Valeh müəllimə təşəkkür etmək istəyirəm. Çünki o, qeyd olunan sazişin önəmini nəzərə alıb parlament üzvlərinin, demək olar, hamısını, maraqlanan hər kəsi komitə iclasına dəvət etmişdi. Orada da söylədiyimiz kimi, Valeh müəllimin peşəkar bilikləri hər bir parlament üzvü üçün önəmlidir. Lakin ölkədə neft-qaz müqavilələrinin bağlanması, karbohidrogen yataqlarının beynəlxalq aləmlə işlənməsi siyasətini ilk növbədə cənab Prezident müəyyənləşdirir və bu amil bizim hər birimizə daxili bir əminlik verir ki, bu müqavilədə də Azərbaycanın maraqları kifayət qədər nəzərə alınmışdır.
Şübhəsiz ki, 1990-cı illərdə məlum neft müqavilələri bağlanmasaydı, Xəzərin statusu məsələsi ikinci Qarabağ probleminə dönəcəkdi. Hamımız bilirik ki, Qarabağ müharibəsinin mayasında neft amili var. Xəzər üzərində də bu oyunlar həyata keçirilməkdəydi. Tarix boyu neft müharibələrə daha çox xidmət edib. Ölkəmiz beynəlxalq tərəfdaşlar qazanmağın hesabına Xəzərin statusunda mühüm bir cəbhəni əldə etdi və sonra Azərbaycanın mövqeyi uğur qazandı. Bu gün o məsələ ətrafında konsensus tapılmasa da, Azərbaycan özünün resurslarını Qərblə, digər dairələrlə arxayın işləyə bilər.
Mənim, sadəcə, gələcək dövr üçün önəmli ola bilən bir neçə qeydim var. Çox qısa, vaxtınızı almadan onları vurğu-lamaq istəyirəm. Əlbəttə, biz nəzərə alırıq ki, bu müqavilə dünyanın British Petrolium kimi nəhəng şirkətlərindən biri ilə imzalanır və bu şirkət dünya çapında transmilli kampaniya olması ilə bərabər həm də mühüm iqtisadi proseslərdə yer alır, Britaniyanın özünün həyatında iştirak edir, neft resursu olan digər ölkələrlə yaxşı əlaqələr qurubdur. Bu bizə ikinci mühüm bir siqnaldır.
Nəzərə almalıyıq ki, indi Amerika özünün on illərlə sürən bəlli iqtisadi sanksiyalar siyasətini dəyişməkdədir. Bunun regionda xeyli fərqli vəziyyət yaratdığı deyilir. Azərbaycan bu şəraitdə də regionda atdığı addımlarla özünün neft və qaz maraqlarını uğurla qorumaqdadır. Bir çoxları belə pessimist rəylər ortaya gətirirlər ki, İranın gələcək dövrdə Avropa bazarına çıxması fonunda Azərbaycan artıq öz əhəmiyyətini itirə bilər. Hesab edirəm ki, bu müqavilənin qarşımıza gəlməyi o mövqelərə də bir cavabdır.
Nəyi narahat olaraq söyləmək istəyirəm? Birincisi, hörmətli Valeh müəllim, – ötən dəfə də deyildi, – Sizin səriştəniz, iqtisadi bilikləriniz yol verir ki, Azərbaycanın enerji resurslarının işlənməsi haqqında vahid bir ana qanun, baza qanunu olsun. Yəni bu nə qədər çətindir ki? Biz elə indiki müqavilənin də giriş hissəsində xeyli bəlli sənədlərə istinad edirik. Amma dediyimiz kimi, yaxşı olar ki, neft haqqında, neft-qaz yataqlarının işlənməsi haqqında bir əsas qanunumuz yoxdur.
İkinci məsələ. Düşünürəm ki, bu da çox önəmlidir. Ölk-əmizdə fəaliyyət göstərən xarici kampaniyalarda həmkarlar birliklərinin yaradılması formal xarakter daşıyır, bir sıra hallarda isə demək olar ki, yoxdur. Məsələn, mediada bir neçə müddətdir davamlı olaraq gedir. “Qarasu” əməliyyat şirkəti deyilən bir qurum var. O, Rusiyanın neft payını da alan şirkətdir. İndi daxili resursları nədən ibarətdir, onun üzərində dayanmaq istəmirəm. Mediada, sadəcə, o faktlar deyilirdi ki, sovet texnikasını götürüb işlədirlər, onların təmiri adı ilə böyük miqdarda vəsaitlər silinir və sair. Amma indi yəqin ki, SOCAR bəlli müqavilədən irəli gələn şərtlər əsasında bunları təftiş edər.
Nəyi demək istəyirəm, hörmətli Valeh müəllim? İstəyirəm ki, buna diqqət edəsiniz. Əslində, çox önəmlidir. Orada işləyən şəxslərin kütləvi ixtisarlara, işdən kənarlaşdırmalara qarşı heç bir müqavimət göstərmək im-kanları yoxdur. Çünki dediyimiz kimi, məhkəmə qərarları da, Həmkarlar Birliyinin formal mövqeyi də bu məsələdə rol oynamır.
Sonda bir məsələni də demək istəyirəm. Abşeron yarımadası ətrafında böyük bir su hövzəsini əhatə edən sa-hənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanan bu sənəd, əslində, 200 milyon dolların o kampaniya tərəfindən havaya sovrulmadığını göstərir. Yəni onlar yarımadanın ətrafında 1000 kvadratkilometr ərazidə kəşfiyyat işinin aparılmasına zəmanət verirlər. Əslində, Azərbaycan ərazilərinin böyük bir hissəsini Allah bu təbii sərvətlərlə zəngin edib. Ona görə mən çıxışımı belə bir ehtimalla yekunlaşdırmaq istəmirəm ki, British Petroliumun bu qədər böyük vəsaitlər hesabına apardığı kəşfiyyat işləri günün birində nəticə verməyə bilər.
Əlbəttə, vaxt imkan versəydi, daha bir neçə qeydimi söyləyərdim. Ancaq ümumilikdə mən bu sənədin Azərbaycanın iqtisadi-siyasi maraqlarına uyğun olduğunu hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Zahid Oruc, 2005-ci ildə bizimlə bir yerdə sən də deputat idin. Bizim həmkarımız var idi – Pənah Hüseyn. Yadındadır? Pənah Hüseyn hər dəfə bu neft qanunundan danışırdı. Onda Valeh müəllim o qanuna dair çox böyük bir açıqlama verdi. Hamının da bundan xəbəri var. Eyni məsələni təkrar edirsiniz.
Bir nəfər də təkid edən var idi. Azay Quliyev. Buyurun. Amma xahiş edirəm, bir az qısa.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən çox qısa danışacağam. Təbii ki, biz təklif olunan bu qanun layihəsini dəstəkləyəcəyik. Bu haqda geniş danışmağa ehtiyac yoxdur.
Sadəcə, məni narahat edən və maraqlandıran bir məsələ var. Hazırkı müqavilədə kəşf olunacaq sahələrin istismarı müddətində korporativ sosial məsuliyyətlə bağlı hər hansı bir müddəa var, yoxsa yox? Ümumiyyətlə, dünyada qəbul olunmuş praktikadır ki, bu cür layihələr həyata keçirilirsə, bu kimi transmilli şirkətlər mütləq şəkildə üzərlərinə sosial məsuliyyət götürürlər. Mən sizə deyim ki, hətta bu gün Azərbaycan qazını və neftini istehsal və ixrac edən, burada külli miqdarda vəsait əldə edən BP şirkəti Gürcüstanla müqayisədə Azərbaycana daha az sosial yatırımlar qoyur. Bu da ictimaiyyəti, təbii ki, haqlı olaraq narahat edir. Ona görə soruşuram: Bu cür kontraktlarda, müqavilələrdə belə konkret öhdəliklər necə tənzimlənir?
İkincisi, bu gün bir sıra şirkətlər işçi və işəgötürən müna-sibətlərində çox ciddi nöqsanlara yol verir, ayrı-seçkilik edir, azərbaycanlıları bəzən çox qeyri-şəffaf və qeyri-dəqiq prosedurlarla işdən çıxarırlar. Şəxsən mənim ünvanıma bu barədə çoxlu sayda müraciətlər daxil olur. Etiraf edirəm ki, mən onlara məktub yazmaqla kifayətlənirəm. Amma bundan bir nəticə hasil olmur. Məktublarıma çox standart cavablar verilir. Ona görə soruşuram: Hörmətli Valeh müəllim, Siz çox təcrübəli bir mütəxəssis kimi bu barədə nə deyə bilərsiniz? Bu halda bizim yanaşmamız necə olmalıdır? Bu şirkətlərdə işçilərin hüquqları pozulan zaman Milli Məclis hansı addımları ata bilər? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, müzakirələri bitirdik. Valeh müəllim, nə isə demək istəyirsiniz?
V.Ələsgərov. Çox sağ olun, Oqtay müəllim. Qanunla əlaqədar indiyədək dediklərimi təkrar etmək istəmirəm. Ancaq onu deyim ki, bir qanunla məsələ yekunlaşmır. Neçə qanun və normativ aktları qəbul etmək lazımdır. Bu da za-man tələb edir. Onda biz bu cür müzakirələrdən, bu cür təqdimatlardan əl çəkməli olacağıq. Onda da millət vəkilləri deyəcəklər ki, bizdən xəbərsiz kim isə kiminlə isə harada isə kontrakt imzaladı, milli sərvətlər əldən getdi. Kontraktların hamısını çox açıq, çox şəffaf şəkildə müzakirə edirik, təsdiq edirik.
Deyirsiniz, “Qarasu” köhnə texnikadan istifadə edib külli miqdarda pul qazanır. Əmin ola bilərsiniz ki, bu gün orada işləyən podratçılar köhnə yataqlardan qaça bilsəydi, Rövnəq müəllimin əlindən canını qurtara bilsəydi, elə qaçardılar ki, şalvarları da burada qalardı, əmin olun. Boyunlarına elə öhdəliklər qoymuşuq ki, sovet vaxtında neçə nəfər işləyirdisə, bu gün də o qədər işçi işləyir. 100 nəfər işləməli olan yerdə 800 adam işləyir. Rövnəq müəllim yanımda oturub. Desin ki, Valeh Ələsgərov düz demir. O layihələrdən Azərbaycan tərəfi hələ mənfəət də götürür. Ölmüş sahələri vermişik, işləyirlər, özləri üçün nə qazanırlar, halal olsun, xoş olsun. Bizim üçün də para qazanırlar. Önəmli odur ki, bu gün Neftçalada, Kürdəmirdə, Şirvanda minlərlə insan o şirkətlərdə çalışır, ailəsini dolandırır.
Bu şirkətlər sosial məsuliyyət daşıyırlarmı? Öz işçilərinin yanında, əlbəttə ki, sosial məsuliyyətləri var. Şirkət işlərin təhlükəsizliyini təmin etməlidir, ətraf mühiti, işçinin sağlamlığını qorumalıdır, yetərincə maaşını verməlidir, xəstəni müalicə etməlidir və sair. Bunların hamısını edir. Əlavə olaraq ölkə üzrə sosial məsələlərin həllini necə boynuna qoyaq? Bu neft şirkətidir. Biz də çalışırıq ki, o, neft sektorunda öhdəliklərini dəqiq yerinə yetirsin. Hər kəsin öz işi var. Bu şirkətlər də öz öhdəlikləri çərçivəsində boyunlarına düşən bütün işləri yerinə yetirirlər. Buna əmin ola bilərsiniz. Qırağa çıxan varsa, Dövlət Neft Şirkəti bunu bilmirsə, xəbər verin, canlarını alsınlar. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Beşinci məsələ – Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında. Buyursun Vüqar Gül-məmmədov. Vüqar müəllim, xahiş edirəm, 15 dəqiqə.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri və qonaqlar! Məlum olduğu kimi, 2014-cü il dünya iqtisadi sisteminin növbəti sınaqla üzləşdiyi bir il olmuş, bu sınaqlar Azərbaycan iqtisadiyyatının təməl dayaqlarına təsir edə bilməmiş və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində milli iqtisadi sistemin möhkəm zəmin üzərində olduğu bir daha sübut olunmuşdur.
Ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş və müvafiq qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Hesablama Palatası hesabat ili ərzində fəaliyyətinin nəticələrinin əks olunduğu və sizlərə təqdim olunmuş hesabatın strukturunda hörmətli millət vəkillərinin ötən illərdə irəli sürdüyü təklif və tövsiyələr əsasında bir sıra dəyişikliklər etmişdir.
Hesabat ilində Palatanın ali audit orqanı olaraq fəaliyyətinin əsas istiqamətlərini dövlət maliyyə nəzarəti tədbirləri, korrupsiyaya qarşı mübarizə və büdcə prosesinin təkmilləşdirilməsi tədbirləri, eləcə də cari funksional fəaliyyət təşkil etmişdir. Hər bir istiqamət üzrə həyata keçirilən tədbirlərin məqsədi dövlət maliyyə inzibatçılığı sisteminin təkmilləşdirilməsi, dövlət vəsaitlərinin rasional istifadəsində məsuliyyətin artırılması olmuşdur.
Hörmətli millət vəkilləri! Hesabat ilində Palata tərəfindən 78-i dövlət büdcəsinin və 4-ü büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini əhatə etməklə 82 nəzarət tədbiri həyata keçirilmişdir. Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin sayı 2013-cü illə müqayisədə 9,3%, əhatə etdiyi vəsaitlərin məbləği isə 59,7% çox olmaqla 126 obyektin fəaliyyətini əhatə etmişdir. Hesabat ilində mərkəzləşdirilmiş və yerli xərclərin auditlə əhatə olunmuş məbləğdə xüsusi çəkiləri müvafiq olaraq 89,8% və 10,2% təşkil etmişdir.
Nəzarətlə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində büdcəyə bərpa olunan vəsaitlərin maliyyə pozuntuları üzrə təsnifləşdirilməsi aşağıdakı kimi olmuşdur: Əməyin ödənişi ilə bağlı normativ hüquqi aktların tələblərinin pozulması, o cümlədən ixtisas və tarif dərəcələrinin, müxtəlif əlavələrin düzgün müəyyən olunmaması, məzuniyyət günlərinin düzgün hesablanmaması və sair səbəbdən yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə 678,8 min manat vəsait bərpa edilmişdir. Əsaslı xərclər üzrə dövlət büdcəsinə 606,1 min manat vəsait bərpa olunmuşdur. Bu, işlərin həcminin artırılması, işlərin qəbulu aktlarına faktiki başa çatmamış işlərin daxil edilməsi, həmçinin müqavilə məbləğindən çox vəsaitin xərc olunması halları üzrə yaranmışdır.
Tərəfimizdən aparılan təhlillər göstərmişdir ki, Hesa-blama Palatasının əvvəlki illərdə də təqdim etdiyi hesabat və təkliflərdə də göstərildiyi kimi, belə halların baş verməsinin əsas səbəblərindən biri təmir-tikinti işləri üzrə görüləcək işlərin investor-smeta dəyərinin hesablanması metodikasının təsdiq edildiyi dövrdən artıq müəyyən müddət keçməsi, istifadə edilən əmsalların müasir dövrdə işin real dəyərini müəyyən etməyə imkan verməməsi və sair olmuşdur. Bu baxımdan Hesablama Palatası həmin metodikaya yenidən baxılmasını zərur hesab edir.
Digər nöqsanlara gəldikdə isə müxtəlif səbəblərdən əskikgəlmələr üzrə 581,7 min manat, nəqliyyat xidmətləri üzrə mövcud qanunvericiliyin pozulmasına görə 175,6 min manat, ərzaq normalarına riayət edilməməsi üzrə 175,1 min manat, artıq ödənilmiş ünvanlı dövlət sosial yardımı üzrə 128,4 min manat, satınalma qiymətlərinə əməl olun-mamasına görə 74,2 min manat, ezamiyyə qaydalarının po-zulması üzrə 44,5 min manat, tədbirlərin keçirilməsi ilə bağlı artıq istifadə edilmiş 40,7 min manat, abadlaşdırma xidmətləri üzrə artıq xərclənmiş 18,7 min manat və digər nöqsanlar üzrə isə 258 min manat vəsaitin dövlət büdcəsinə bərpa olunduğu qeyd edilməlidir.
Hesabat ilində Azərbaycan Respublikası Vergilər Nazir-liyi ilə birgə aparılan audit tədbirləri nəticəsində büdcəyə ödənişdən yayındırılması aşkar edilmiş 3,3 milyon manat verginin büdcəyə ödənilməsinə nail olunmuşdur.
Kənar dövlət maliyyə nəzarəti orqanı kimi Hesablama Palatası korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliy-yətini daha da gücləndirərək dörd nəzarət tədbiri üzrə yox-lama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmiş, ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurmaq ehtimalı edilən həmin işlər üzrə 2,5 milyon manat vəsaitin bərpası təmin edilmişdir. Beləliklə, hesabat ilində audit tədbirlərinin nəticələri üzrə 8,6 milyon manat, 47,1 min avro və 7,5 min ABŞ dollarının müvafiq qaydada dövlət büdcəsinə, 85 min manat vəsaitin isə təşkilatların hesabına bərpa olunması təmin edilmişdir.
Qeyd olunanlarla yanaşı, audit tədbirləri nəticəsində 323,5 ştat vahidinin və 11 qrupun ləğv olunması təmin olunmuş və bununla da orta hesabla il ərzində 1,9 milyon manat vəsaitin səmərəsiz istifadəsinin qarşısı alınmışdır.
Lüzumsuz debitor borcların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 262,2 min manat borcun uçota götürülməsi, 2,2 milyon manat borcun ləğv edilməsi və 8,8 milyon manat borcun isə bağlanmasına nail olunmuşdur. Aparılmış auditlər zamanı müqavilələrin tərtibi zamanı yol verilən nöqsanlar, xüsusilə müqavilələr bağlanarkən avansın həcmi və debitorun bağlanma müddəti barədə tələblərin qoyulmaması debitor borcların yaranması və həcminin artması səbəblərindən bir kimi müəyyən edilmişdir.
Eyni zamanda, müqavilə şərtlərində işlərin vaxtında və tam həcmdə görülməməs nəticəsində müqavilə məbləğinin müəyyən həcmində cərimə ödənişi nəzərdə tutulsa da, aparılmış nəzarət tədbirlər zamanı sifarişçilər tərəfindən bu cərimələrin tətbiq edilmə hallarına rast gəlinməmişdir.
Müəyyən edilmiş funksiyalara uyğun olaraq Hesablama Palatası dövlət büdcəsi ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu üzrə də nəzarət tədbirləri həyata keçirmiş, 62,5 min manat vəsaitin Fondun büdcəsinə, əlavə hesablanmış 210,5 min manat vəsaitin isə hesablara bərpa edilməsi təmin olunmuşdur. Eyni zamanda, Fondun rayon şöbələri tərəfindən vətəndaşlara ödənişlər üzrə əskik məbləğlərin vətəndaşların hesablarına köçürülməsi də təmin edilmişdir.
Hörmətli millət vəkilləri! Müxtəlif sahələr üzrə həyata keçirilmiş nəzarət tədbirlərində rast gəlinmiş xarakterik nöqsanlarla yanaşı, əksər audit obyektlərində rast gəlinən iki ümumi nöqsanı diqqətinizə çatdırmaq istərdim. Onlardan birincisi vəsaitlərin istifadəsi zamanı Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyərək vəsaitlərin təyinatının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, audit tədbirlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, nəzarət obyektləri tərəfindən 18,0 milyon manat vəsait Vahid Büdcə Təsnifatının iqtisadi təsnifat üzrə kodlarının tələblərinə uyğun istifadə edilməmişdir. Belə hallar iqtisadi təsnifatın “digər alışlar və xidmətlər” yarımmaddəsi, “sair xərclər” və “abadlaşdırma xidmətləri haqlarının ödənilməsi” paraqrafları üzrə daha çox rast gəlinmişdir.
Rast gəlinən ikinci ümumi nöqsan isə satınalmalarla bağlı olmuşdur. Belə ki, malların satın alınmasını həyata keçirən hər bir audit obyektində bu və ya digər prosedur pozuntuları müəyyən edilmişdir. Eyni zamanda, satınalma keçirilmədən vəsaitin xərclənməsi və satınalma metodunun müvafiq icra hakimiyyətinin razılığı olmadan dəyişdirilməsinə də tez-tez rast gəlinmişdir. Qeyd olunmalı digər bir fakt müsabiqəli satınalmaların sayının ildən-ilə azalmasıdır. Bu hal Satınalmalar üzrə Dövlət Agentliyinin hesabatlarından da görünür. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına aparılan müsabiqəli satınalmaların 2014-cü ildə sayı və bağlanmış müqavilələrin məbləği əvvəlki ilkindən müvafiq olaraq 27,4% və 34,1% az olmuşdur.
Hesabat ili üzrə nəzarət fəaliyyətinin ümumiləşdirici nəticələri üzrə qeyd olunmalı məqamlardan biri də audit obyektləri tərəfindən mühasibat uçotu və maliyyə hesabat-larının tərtibinin müvafiq Təlimata uyğun aparılmamasıdır. Belə ki, 2012-ci ildən məcburi hesab olunan Milli Mühasibat Uçotu Standartlarının bir sıra təşkilatlarda, ümumiyyətlə, tətbiq edilmədiyi, bəzi təşkilatlarda isə hesabatların bu standartlara müvafiq tərtib olunmaması halları aşkarlanmışdır. Hesabatların tərtibi zamanı nizamnamə kapitalının, əsas vəsaitlərin və mal-material qiymətlilərinin uçota alınması ilə bağlı nöqsanlara yol verilmişdir. Bu istiqamətdə əsas fondların və əsas kapitala yönəldilmiş investisiyalar haqqında hesabatların büdcə təşkilatları tərəfindən düzgün tərtib edilməməsi, statistik hesabatlara daxil edilmiş göstəricilərin maliyyə sənədlərindəki reallığı əks etdirməməsi hallarına rast gəlinmişdir.
Ümumi şəkildə ifadə etsək, hesabat ilində nəzarət təd-birlərinin nəticəsi olaraq Hesablama Palatası tərəfindən nəzarət obyektlərinə 122 təqdimat göndərilmiş və bu təq-dimatların icra səviyyəs 96,7 % təşkil etmişdir. Göndəril-miş təqdimatlar əsasında nəzarət obyektləri tərəfindən 386 nəfərlə bağlı inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi təmin olunmuşdur.
Ümumiyyətlə, Hesablama Palatası həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra qurumlarda nöqsanlara yol vermiş məsul şəxslərə tətbiq olunan inzibati tənbeh tədbirlərinin yetərli olmadığını hesab edir. Nöqsan və çatışmazlıqların yaranmasına səbəb olan məsul şəxslərin cəzalandırılmaması və ya yetərli inzibati tədbirlərin tətbiq edilməməsi son nəticədə həmin qurumlarla yanaşı digər qurumlarda da belə nöqsanların baş verməsi və təkrarlanması riskini yüksəldir. Bununla əlaqədar olaraq Hesablama Palatası İnzibati Xətalar Məcəlləsində maliyyə qaydalarının pozulması ilə bağlı 204–1 bəndinin yenilənməsini, əhatə dairəsinin genişlənməsini və inzibati cəza tədbirlərinin sərtləşdirilməsini təklif edir. Nəzarət tədbirləri nəticəsində hesabat ilində Nazirlər Kabinetinə normativ hüquqi aktlarda müəyyən edilmiş boşluq və ziddiyyətlərin aradan qaldırılması ilə bağlı yeddi təklif təqdim olunmuşdur.
Büdcənin tərtibi və icrası prosesində ilkin və sonrakı nəzarət qaydasında, habelə ölkənin maliyyə resurslarının səmərəli idarə olunması və maliyyə intizamının gücləndiril-məsində Palatanın fəal iştirakını təmin edən və qanun-vericiliklə nəzərdə tutulan əsas funksiyalarından biri olan ekspert-analitik fəaliyyət istiqaməti üzrə hesabat ilində Milli Məclisdən daxil olan illik hesabatlara və qanun layihələrinə Palata tərəfindən rəylər hazırlanmış və vaxtında təqdim olunmuşdur. Qeyd edilən rəylərdə büdcə vəsaitlərinin qənaətlə və səmərəli istifadə olunması üçün Palata tərəfindən təklif və tövsiyələr verilmişdir.
Hörmətli millət vəkilləri! Palatanın cari funksional fəaliyyətinin nəticələri ilə də bağlı məlumat vermək istərdim. Hesabat ili Palatanın 2012–2014-cü illəri əhatə edən strateji inkişaf planının başa çatdığı il olmuşdur. Qeyd edək ki, 2014-cü ildə bu planın icrası ilə bağlı Palataya dəstək verən beynəlxalq layihə də başa çatmışdır. Beynəlx-alq layihənin nəticəsi olaraq səmərəlilik və maliyyə au-ditlərinin keçirilməsi ilə bağlı təlimatlar, tövsiyələr hazır-lanmış, pilot layihələr həyata keçirilmiş, çoxmərhələli təlim proqramları icra olunmuş, beynəlxalq standartlar Azərbaycan dilinə tərcümə olunmuşdur.
Layihə çərçivəsində xüsusi əhəmiyyət kəsb edən ən mühüm məqam isə Palatanın hüquqi bazasının təkmilləş-dirilməsi ilə bağlı olmuşdur. Bu istiqamətdə mövcud qanunvericiliyin ali audit qurumlarının dövlət maliyyə inzibatçılığı sistemində rolu, səlahiyyətləri və funksiyaları ilə bağlı beynəlxalq standartlar, o cümlədən Birləşmiş Mil-lətlər Təşkilatının qətnamələrində nəzərdə tutulan tələblərə uyğun olaraq vahid təkmil hüquqi bazanın yaradılması istiqamətində beynəlxalq məsləhətçilərlə birgə Hesablama Palatası haqqında yeni qanun layihəsi işlənmişdır. Yeni qanun layihəsi müvafiq qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur.
Sonda diqqətinizi 2014-cü ildə ölkəmizdə dövlət xər-clərinin maliyyə hesabatlılığı üzrə Dünya Bankı tərəfindən hazırlanmış hesabatda Hesablama Palatasının fəaliyyəti ilə bağlı qeyd olunmuş məqamlara yönəltmək istərdim. Dünya Bankı tərəfindən təqdim edilmiş hesabatda Palatanın öz işinin əsası kimi Ali Audit İnstitutlarının Beynəlxalq Təşki-latı standartlarını qəbul etməsi, aşkar edilmiş nöqsanları, o cümlədən tövsiyələri özündə əks etdirən hesabatını vaxtında Milli Məclisə təqdim etməsi yüksək qiymətlən-dirilərək fəaliyyətinin bir çox cəhətlərinin son illərdə təkmilləşdirildiyi vurğulanmışdır. Məhz Hesablama Pala-tasının birbaşa fəaliyyətinə bilavasitə aid olan göstəricilər üzrə Azərbaycan Respublikasının nəticələri MDB-yə üzv olan digər dövlətlərin nəticələri ilə müqayisədə kifayət qədər qənaətbəxş qiymətləndirilmişdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Hesablama Palatası öz fəaliyyətinin daha da gücləndirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində, dövlət vəsaitlərinin səmərəli və qənaətli, həmçinin nəticəli istifadəsinin təmin edilməsi ilə bağlı dövlət idarəetməsinə dəstəyini artırmaq məqsədi ilə fəaliyyətini gücləndirməkdədir. Bu istiqamətdə millət vəkillərinin dəyərli tövsiyələri tərəfimizdən yüksək qiymətləndirilir və bu tövsiyələr Palatanın gələcək inkişafında xüsusi rola malikdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bir məsələmiz qalıb. Mən təklif edirəm ki, tənəffüssüz işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Razılaşdıq. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Əslində, mənim təklifim var idi. Birincisi, təklif edirəm, hesabat müzakirə olunarsa, çıxışları 5 dəqiqə edək. Ümumilikdə isə, hesab edirəm ki, Vüqar müəllim indi Hesablama Palatasının illik fəaliyyəti haqqında kifayət qədər geniş məlumat verdi. Onun Milli Məclisə təqdim olunan yazılı hesabatında, təbii ki, daha müfəssəl məlumat verilib. Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatı ilə hər bir deputatın bu günlər ərzində kifayət qədər tanış olmaq imkanı olub. Ona görə əgər etiraz etməsələr, hesabatı elə müzakirəsiz səsə qoyardıq. Nəzərə alsaq ki, Hesablama Palatası Milli Məclisin orqanıdır və bu bizim birgə işimizdir, məncə, öz işimizi müzakirə etməyə dəyməz.
Sədrlik edən. Bir dəqiqə, bu, hesabatdır. Çıxışlara 10 nəfər millət vəkili yazılıb. Başlayaq, sonra kim istəyər deyər. Buyursun İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Müzakirəyə çıxarılan hesabat göstərir ki, Hesablama Palatası öz işini ildən-ilə yaxşılaşdırır, onun əhatə etdiyi sahələr çoxalır, keçirdiyi audit tədbirləri daha da genişlənir. Bu da öz növbəsində büdcə prosesinin təkmilləşməsinə kömək edir. Palatanın əsas vəzifəsi Azərbaycanda büdcə xərcləri üzərində nəzarətin həyata keçirilməsidir. Bu baxımdan onun büdcə intizamının möhkəmləndirilməsində oynadığı rol artıq müsbət nəticələr verməkdədir.
Bu gün mən diqqətinizi yenə də büdcənin formalaş-masına, yumşaq desək, mənfi təsir göstərən, hazırkı dünya iqtisadiyyatı böhranı zamanı iqtisadiyyatımızda daha qabarıq şəkildə nəzərə çarpan inhisarçılığa yönəltmək istərdim. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq azad rəqabətə yol vermir, bizi ağacqurdu kimi içəridən yeyən korrupsiyaya meydan açır, qiymətlərin qalxmasına, əhalinin maddi rifah halının pisləşməsinə səbəb olur, cəmiyyətdə gərginlik yaradır, var-dövlətin korrupsionerlərin və soyğunçu sahibkarların cibinə axmasına şərait yaradır.
Məhz ona görə heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməyi, azad, ədalətli rəqabəti təmin etməyi bir vəzifə olaraq qarşıya qoymuşdur.
Bu vəzifənin həyata keçirilməsi üçün mən inhisarçılıqla mübarizədə hökumətə yardım edə biləcək bəzi qanun müddəalarını xatırlatmaq istərdim. 2004-cü ildə qəbul edilmiş və bu gün də qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 1-ci maddəsində deyilir ki, korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi deməkdir. Həmin qanunun 2.1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri olan vəzifəli şəxslər göstərilir və buraya vəzifə tutan, əlində səlahiyyətləri olan bütün kateqoriyalardan olan şəxslər aid edilir. Qanunun 11-ci maddəsində isə korrupsiya hüquqpozmalarına görə vəzifəli şəxslərin intizam, mülki, inzibati və cinayət məsuliyyəti müəyyən edilib.
Göründüyü kimi, inhisarçılıq, əslində, vəzifəli şəxsin özünün və ya onun yaxın qohumunun tutduğu vəzifənin imkan verdiyi səlahiyyətlərdən istifadə edərək özünə və yaxın qohumlarına maddi və sair nemətlər qazanması deməkdir. Yeri gəlmişkən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda vəzifəli şəxsin yaxın qohumları ilə birgə fəaliyyəti qadağan edilib. Ancaq buna baxmayaraq, bu hadisə ölkəmizdə geniş vüsət alıb. Deməli, inhisarçılar, əslində, korrupsiya ilə əlaqəli hüquqpozmaların subyekt-ləridir və onların barəsində cinayət məsuliyyəti müəyyən edilməlidir. Yəni inhisarçılığa qarşı mübarizədə təkcə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturları yox, həm də hüquq mühafizə orqanları iştirak etməlidirlər. Bu mübarizə xırda şirkətlərlə yox, ilk növbədə istehlak bazarının böyük hissəsini daim nəzarətdə saxlayan şirkət və holdinqlərlə aparılmalıdır.
Beləliklə, ölkədə ədalətli rəqabəti təmin etməklə biz həm kiçik və orta sahibkarlığın inkişafına yeni nəfəs vermiş və bununla ölkənin iqtisadi durumunu yaxşılaşdırmış, əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərmiş, həm də qeyri-neft sektoruna toplanan büdcə daxilolmalarını əhəmiyyətli dərəcədə artırmış olarıq.
Çıxışımın sonunda mən Hesablama Palatasının illik hesabatını qəbul etməyi təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 10 ildən çoxdur ki, Milli Məclisdə biz Hesablama Palatasının hesabatlarını dinləyirik. Mən qeyd etmək istəyirəm ki, ilk dəfədir bizə belə uğurlu hesabat təqdim olunub. Hesablama Palatası 2014-cü ildə aparılmış yoxlamalarda çox ciddi nöqsanları üzə çıxarıbdır. Bu yoxlamaların hamısında müəyyən nöq-sanlar üzə çıxıb. Ona görə də mən Hesablama Palatasının sədrinə və orada işləyən yüksək ixtisaslı auditorlara öz dərin minnətdarlığımı bildirirəm.
Amma bununla bərabər, mənim iki tövsiyəm də var. Bi-rincisi, Vüqar müəllim, bu göstəriciləri verəndə müqayisəni yalnız MDB dövlətləri ilə deyil, bizim ticarət tərəfdaş-larımız olan Avropa dövlətləri ilə də aparmaq lazımdır ki, millət vəkilləri daha dolğun təsəvvür əldə edə bilsinlər. İkinci tövsiyəm tənbeh məsələsi ilə bağlıdır. Bu barədə Siz özünüz də çıxışınızda məsələ qaldırdınız. Biz daha çox aşağı vəzifəli şəxsləri tənbeh edirik nəinki yüksək vəzifəli rəhbər şəxsləri. Ona görə hansı məcəllədə dəyişiklik etmək gərəkdirsə, ona getmək lazımdır. Bu işlərdə daha çox günahkar olan rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.
Mən hesab edirəm ki, Hesablama Palatası bizə belə yüksək səviyyədə hesabat təqdim etdiyi üçün bunu səsə qoyub qəbul etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər yazılan həmkarlardan təkid eləyən yoxdursa, xahiş edirəm, Hesablama Palatasının hesabatı haqqında qərar layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 75
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 77
Nəticə: Qəbul edildi
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsvermə vaxtı hamı yerində olsun da. Çıxanları dəvət edin, gəlsinlər. Əgər səsvermədə belə iştirak eləsək, yəqin, bundan sonra qonşu otağı bağlamalı olacağıq. Xahiş edirəm, səsverməni yenidən keçirək.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illər ərzində qiymətli kağızlar bazarında həyata keçirilmiş kompleks və ardıcıl tədbirlər nəticəsində bazarın hüquqi və institutsional əsasları, mütəşəkkil qiymətli kağızlar bazarının baza elementləri, ticarət və postticarət institutları, maliyyə vasitəçiləri və onların fəaliyyəti üçün bütün fundamental əsaslar yaradılmışdır. Lakin dinamik iqtisadi inkişaf və müvafiq olaraq iqtisadiyyatın artan investisiya tələbatı sərmayə mənbələrinin şaxələndirilməsini, daha ucuz və uzunmüddətli maliyyə resurslarının çıxış imkanlarını təmin edən qiymətli kağızlar bazarının əhəmiyyətli inkişafını tələb edir.
Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezi-denti cənab İlham Əliyev 16 may 2011-ci il tarixdə “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli ka-ğızlar bazarının inkişafı” Dövlət Proqramını təsdiq etmişdir. Dövlət proqramı ortamüddətli perspektivləri qabaqcıl standartlara uyğun, səmərəli fəaliyyət göstərən və tənzimlənən, özəl sektora geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarını kəmiyyət və keyfiyyətcə yeni səviyyədə formalaşdırmaq məqsədi daşıyır.
Dövlət proqramından irəli gələn vəzifələrin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən yeni qanun layihəsi sizin müzakirənizə verilir. Yeni qanun Azərbaycan Respublikasında qiymətli kağızların və qiymətli kağızlar bazarı institutlarının təşkili, idarə edilməsi və ləğvinin prinsip və qaydalarını, habelə investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin hüquqi və iqtisadi əsaslarını əhatə edir.
Dayanıqlı iqtisadi artımı təmin edən fundamental prin-siplərdən biri maliyyə xidmətlərinə diversifikasiya olunmuş çıxış imkanlarının təmin edilməsidir. Kapital bazarları fərdi və korporativ yığımların iqtisadi inkişaf sa-hələrinə və səmərəli investisiyalara istiqamətlən-dirilməsində, biznes və korporasiyaların rəqabət qabiliyyətinin artırılmasında və bütövlükdə iqtisadi inkişafda mühüm rol oynayır.
Müzakirə olunan Qiymətli kağızlar bazarı haqqında qanun layihəsi bütövlükdə qiymətli kağızlar bazarında tənzimləmənin qabaqcıl beynəlxalq standartlar əsasında həyata keçirilməsini nəzərdə tutur, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təşviq edir və bazarın dinamik inkişafı üçün əlverişli zəmin formalaşdırır.
Qanun layihəsinin mütərəqqi beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanması məqsədi ilə geniş texniki yardımdan istifadə edilmiş, Dünya Bankı, eləcə də Avropa Birliyi ölkələrinin qiymətli kağızlar bazarının tənzimləyiciləri olan dövlət orqanlarının mütəxəssisləri ilə müzakirələr aparılmışdır.
Qanun layihəsi 12 fəsil və 92 maddədən ibarətdir. Qiy-mətli kağızlar bazarı haqqında qanun layihəsində beynəlxalq təcrübədən irəli gələn yenilikləri aşağıdakı qaydada təsnifləşdirmək olar:
Qiymətli kağızlar təsnifatının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması. Yəni mövcud qanunvericiliklə nəzərdə tutulmuş bəzi qiymətli kağızlar – çeklər, orderlər, əmtəə kağızları qeyri-ənənəvi maliyyə alətləri olduğuna görə qiymətli kağızlar sırasından çıxarılmış və layihəyə qiymətli kağızların yeni növü kimi ipoteka istiqrazlarına dair müddəalar əlavə edilmişdir. Törəmə qiymətli kağızları – fyuçerslər, opsionlar törəmə maliyyə obyektləri alətləri sırasına aid edilmişdir.
Qiymətli kağızlar bazarının institutlarının lisenziyalaşdı-rılması və fəaliyyət tərəfləri. Bu, qanun layihəsində çox geniş, ətraflı işıqlandırılır. Depozitar fəaliyyətin lisenziyalaşdırılması ləğv edilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi vahid depozitar qismində fəaliyyət göstərəcəkdir. Qiymətli kağızların girovunun dövlət qeydiyyatı ləğv ediləcək və qiymətli kağızlarla bağlı girovun qeydiyyatı Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üçün də fəaliyyətin lisenziyalaşdırılması ləğv edilmişdir. Qiymətli kağız sahiblərinin reyestrləri vahid qaydada Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır.
Hazırda mövcud olan broker, diler və aktivlərin idarə edilməsi fəaliyyətinə lisenziyalar investisiya şirkəti fəaliy-yəti üzrə lisenziya ilə əvəzlənəcəkdir. İnvestisiya şirkətlərinə lisenziya müddətsiz veriləcək. İnvestisiya şirkətlərinin fəaliyyətləri kateqoriyalara bölünmüşdür. Onlar əsas və yardımçı xidmətlər göstərəcəklər. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin təşkili və idarə edilməsinə dair tələblər müəyyən olunacaqdır. İnvestisiya şirkətlərinə dair prosedura nəzarət tədbirləri müəyyən ediləcəkdir.
Qanun layihəsində qiymətli kağızların buraxılışı və tədavülü rejiminin təkmilləşdirilməsi ilə də əlaqədar konkret maddələr vardır. Səhm və istiqrazlar yalnız sənədsiz formada buraxılmaqla Milli Depozit Mərkəzində saxlanılacaqdır. Hazırda qiymətli kağızların buraxılışı yalnız emissiya prospekti ilə müşayiət olunur. Layihədə göstərilir ki, qiymətli kağızlar buraxılış həcmindən asılı olaraq emissiya prospekti, informasiya memorandumu və ya buraxılış haqqında qərar əsasında fond birjasında yerləşdiriləcəkdir.
Qanunun tətbiqi ilə qiymətli kağızlar bazarının tənzim-lənməsinin möhkəm və təkmil hüquqi bazası formalaşdırılacaq. Tənzimləmənin vahid qanunvericilik aktı ilə həyata keçirilməsi nəticəsində bu sahə üzrə ayrı-ayrı normativ hüquqi aktlarla həyata keçirilən hüquqi tənzimləmədə meydana çıxa biləcək ziddiyyətlərin aradan qaldırılmasına şərait yaradılacaqdır. Qanunun müddəalarının səmərəli şəkildə həyata keçirilməsi uzunmüddətli perspektivdə bazarda yüksək keyfiyyətli korporativ maliyyə alətlərinin rolunun artmasına şərait yaradacaqdır.
Hörmətli millət vəkilləri, ümumiyyətlə, mən qeyd etmək istərdim ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azər-baycan Respublikası Prezidentinin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq çox səmərəli tədbirlər həyata keçirir. Komitə dünyanın aparıcı beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq qurmuşdur. Burada çox güclü, profes-sional bir komanda, milli kadr potensialı formalaşmışdır ki, bu da gələcəkdə Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq qiymətli kağızlar bazarının inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Fikrimizcə, qanun layihəsi mükəmməl hazırlanmışdır. Mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layi-həsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən.Sağ olun. Əli Məsimli buyursun.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, mən vaxta qənaət üçün çıxışımın həm də deputat həmkarım Vahid Əhmədovun çıxışı kimi qəbul edilməsini xahiş edirəm.
Hörmətli millət vəkilləri, xanımlar və cənablar! Qiymətli kağızlar bazarı haqqında qanun layihəsi kifayət qədər mükəmməl, beynəlxalq standartlara uyğun surətdə, Dünya Bankının, o cümlədən də bir sıra beynəlxalq ekspertlərin süzgəcindən keçmək şərti ilə hazırlandığına görə müsbət qiymətləndirilib. Amma bu qanun bundan sonrakı dövr üçün bazar münasibətlərinin inkişafı nöqteyi-nəzərindən vacib olduğundan birbaşa tezis formasında təklifləri demək istəyirəm.
Oqtay müəllim, bu qanunu təqdim eləyənlər ona bir tərcüməçi də qoşmalıdırlar ki, investor bu qanunda nə deyildiyini başa düşsün. Qanunun dili həddən artıq mürəkkəb olduğundan başa düşülməsi çox çətindir. Ona görə də təklif edirəm ki, ikinci oxunuşa qədər qanunun di-linin sadələşdirilməsi və investorların bu qanunda nə deyildiyini başa düşməsi nöqteyi-nəzərindən təkmilləş-dirmələr aparılsın.
İndiyə qədər qiymətli kağızlar bazarı hökumətin özünün müəyyənləşdirdiyi üç mərhələdən keçib. Amma çox təəssüflər olsun ki, dördüncü mərhələ qiymətli kağızlar ba-zarının sürətli inkişafından sürətli enmə mərhələsinə keçidi kimi görünür. 2014-cü ilin göstəricilərindən çıxış eləsək, buna belə qiymət vermək olar. Bu da şübhəsiz ki, Azərbaycanda qiymətli kağızlar bazarı, maliyyə bazarı və ümumiyyətlə, büdcə ilə bağlı bir sıra neqativ hallara gətirib çıxara bilər. Belə vəziyyətdə başqa ölkələrin təcrübəsindən çıxış edərək qiymətli kağızlar bazarını liberallaşdırmaq, oradakı oyunçuların hüquqlarının müdafiəsi üçün daha eti-barlı mexanizm yaratmaq lazımdır. Amma bu qanunun konsepsiyasını qəbul eləsək, dediklərimə nail ola bilməyəcəyik.
Bu qanunda hər şeyi bir əldə mərkəzləşdirmək psixolo-giyası hiss olunur ki, bu da hesab edirəm, Azərbaycanın inkişafının indiki mərhələsi üçün yararlı ola bilməz, qaş düzəldən yerdə göz vurub çıxarar və qiymətli kağızlar ba-zarına böyük bir zərbə olar. Əlbəttə, bu, müsbət haldır ki, konfliktlərin həllinə bir maddə həsr olunub. Amma o mad-dədəki müddəalar konfliktlərin həlli üçün yetərli deyil.
İkinci məsələ. Burada, 30-cu maddədə Mərkəzi Banka investisiya şirkəti funksiyası verilir. Birincisi, Mərkəzi Bank haqqında, banklar haqqında qanunvericilikdə bunu qadağan edən müddəalar var. Acgözlük ora gətirib çıxarır ki, Azərbaycanın müstəqilliyinə təhdid ola biləcək bir səviyyədə altdan-altdan maliyyə oliqarxiyası formalaşdırılır. Banklarda faiz dərəcələri kəlləçarxa qalxıb. Dünyanın əksər ölkələrində bu cür faiz dərəcələri yoxdur. Devalvasiyadan sonra isə deməyə əsas yaranıb ki, banklarda faiz dərəcələri bundan da yüksək olacaq. Mərkəzi Banka da investisiya şirkəti funksiyasının verilməsi əhalinin bütün daşınan, daşınmaz əmlakının bilavasitə bankların ətrafına yığılması deməkdir. Bu sosial partlayışın qarşısında heç nə dura bilməz. Ona görə də belə maddələrdən uzaq olmağı təklif edirik. Belə maddə kimə lazımdır?
Azərbaycanda sözün həqiqi mənasında çatışmayan əsas cəhət ondan ibarətdir ki, ifrat monopolizmin hökmranlığı bazar münasibətlərinin inkişafına ən böyük maneəyə çevrilib. İqtisadiyyatda bizim başqa problemimiz yoxdur. Bu problemi aradan qaldırmaq əvəzinə hələ maliyyə sektorunda da altdan belə bir işin görülməsi, hesab edirəm ki, gələcək üçün ciddi sosial partlayışların əsasını qoymaqdır, təhdiddir.
İnvestorlarla bağlı bir məsələ var. İnvestorlara ziyan dəyəndə razılaşdırılmış itkinin əvəzi çox operativ surətdə, bir günün ərzində verilir. Amma həmin razılaşdırılmış itkidən kənar itkilərin necə ödəniləcəyi məsələsi açıq qalıb. Əgər bu məsələ qanunda açıq qalacaqsa, yenə də investorlar investisiya qoymağa ehtiyatlanacaqlar.
Növbəti məsələ. 40.3-cü maddədə deyilir ki, baza aktivi ilə bağlı qiymətləri müvafiq icra hakimiyyəti orqanı təyin edir və həmin qiymətlərdən kənarlaşma olanda investor özünün qiymətli kağızlarını satmalıdır. Hansı müvafiq icra hakimiyyəti orqanı zərgər dəqiqliyi ilə bu qiymətləri müəyyənləşdirəcək ki, ondan kənarlaşma məcburi surətdə satışa gətirib çıxaracaq? Məncə, bu müddəa da ciddi prob-lemlərin əsasını qoya bilər.
Bu layihəni mən indiki dövrün tələblərinə cavab verən bir qanun layihəsi hesab edirəm. Amma Oqtay müəllim, çox xahiş edirəm, işçi qrupu mənim dediyim məsələləri qəribçiliyə salmasın. Bunlar həddən artıq ciddi məsələlərdir.
Azərbaycanın kifayət qədər pulu var. Həmin pulun va-sitəsilə hansısa bir qrupun maraqlarına yox, bütövlükdə Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin maraq-larına cavab verən sağlam maliyyə bazarı yaratmaq lazımdır. Qiymətli kağızlar vasitəsilə biz indi neftdən kənar sahələri də inkişaf elətdirsək, indiki kimi bizim dollar satan iki-üç təşkilatımız, qrupumuz yox, onlarla qrupumuz olacaq.
Azərbaycanı heç nə ilə qorxutmaq lazım deyil. Azərbaycanın 10 milyon əhalisi və bundan üç-dörd dəfə artıq əhalinin də təminatı üçün potensialı var. Sadəcə, həmin potensialdan düzgün istifadə edilməsi üçün hansısa idarə maraqlarına cavab verən bu cür maddələrdən uzaq olmalı, beynəlxalq normalara cavab verən qanunlar qəbul etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, Siz komitədə də bu çıxışı eləmisiniz, elədir? Sizin komitədən keçib, komitədə çıxış eləmisiniz. Ona görə də təkliflərinizi işçi qrupuna verin. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən qısa şəkildə bir neçə qeydimi söyləmək istəyirəm. Öncə onu vurğulamağa dəyər ki, cənab Prezidentin icra komandası içərisində Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin sədri Rüfət Aslanov həmin komitənin rəhbəri olaraq kifayət qədər professional insanlardan biridir və iqtisadi biliklərinə görə seçilən şəxsdir. Çox əminik ki, bu qanunun qəbulu Azərbaycanda, həqiqətən də, qiymətli kağızlar bazarının formalaşmasında mühüm rol oynayacaq.
Postsovet məkanı ölkələrinin hamısında belə bir məşhur deyim var: “Biz bazar iqtisadiyyatına keçid dövrünü təxminən başa vurmaqdayıq”. Amma bazar iqtisadiyyatının ən mühüm elementi onun səhmləşməsi, qiymətli kağızlar sisteminə keçməsi, bu prosesdə daha mühüm iqtisadi indi-katorların fəal rol oynamasıdır. Əminəm ki, bu qanun dediyimiz prosesə müsbət təsir eləyəcək.
Əlbəttə, hamının yaxşı yadındadır ki, biz sovet iqtisadiy-yatından ilkin olaraq özəlləşməyə keçəndə məlum çeklər yarandı və onları vətəndaşlara payladıq. Onların mühüm bir hissəsi müxtəlif vasitələrlə ayrı-ayrı zavodların, fabriklərin, istehsalat vasitələrinin özəlləşməsində müəyyən rol oynadı. İndi vətəndaşlar bundan nə qazandı, nə itirdi, bu ayrı bir söhbətin mövzusudur. Amma görünür, elə həmin dövrdə biz paralel olaraq bu qurumu formalaşdırmalıydıq. Düzdür, bir sıra məsələlər bu qurumdan asılı deyil. O bəzi hallarda, sadəcə, qeydiyyatçıdır, ayrı-ayrı tərəflərin hüquqlarını tanıyandır. Ancaq əminəm ki, dediyim məsələdə müəyyən rol oynaya bilərdi.
Mən nəyi vurğulamaq istəyirəm. Biz uzun müddət dö-vlətin yükündən danışırıq. Əsas strateji sahələr bu gün də dövlətin haqlı olaraq idarəetməsində qalmaqdadır. Bu, neft-qaz sektorudur, enerji sahəsidir və sairə. Amma bir sıra elmi müəssisələr, kənd təsərrüfatı ilə bağlı bir sıra sahələr dövlət idarəetməsindən azad olmalıdır. Mən düşünürəm ki, bunların özəlləşdirməyə, ümumi idarəetməyə açılması ilə bərabər, qiymətli kağızlar sisteminə keçməsi gələcəkdə dö-vlət büdcəsində müxtəlif vəsaitləri qoruyub saxlamağa və onları əhalinin digər ehtiyaclarına yönəltməyə imkan verərdi.
Hörmətli Vahid müəllim cari məsələlər zamanı Mərkəzi Bankın valyuta ehtiyatlarının bu aylar ərzində xeyli azal-masından danışdı. Əlbəttə, lazım olarsa, maliyyə bazarında sabitləşmə üçün dövlət bundan sonra da öz valyuta ehtiyat-larından müəyyən qədər xərcləyə bilər. Ancaq bilirsiniz, mən Rusiyanın iqtisadi həyatını müxtəlif saytlardan, o cümlədən televiziya kanallarından izləyən insanlardan biriyəm. Orada dəyər verdiyim German Qref və Aleksey Kudrinin hər zaman bu məsələlərlə bağlı açıqlamalarını görməkdəyik. Onlar hər dəfə deyirlər ki, Mərkəzi Bankın sədri Elvira Nabiullinanın üzərinə bu şəkildə getməyin, çünki Mərkəzi Bank Rusiya rublunun ümumi tənzimlənməsində, məzənnə siyasətində yalnız 30 faiz rol oynaya bilər. Digər iqtisadi amillər 70 faiz önəmə malikdir və rublun konkret məzənnəsinin formalaşmasında o amillər iştirak edir. Bu mənada hesab edirəm ki, gələcəkdə bu qanunun qəbulu ilə də manatın banklararası birjalarda satılmasını təmin etməliyik və bütün digər valyuta vahidləri orada normal ümumi satışda olmalıdır. Bu mənim yanaşmam və ya ixtiram deyil, dünyanın hər yerində belədir. Birjada artıq real məzənnə siyasətinin formalaşmasında müxtəlif bank qüvvələri, o cümlədən digər investorlar da iştirak edə bilər.
Mən hesab edirəm, layihədə elə məsələlər var ki, bəlkə bizim digər qanunlarımızda dəyişikliklər tələb edəcək. Məsələn, bələdiyyə qiymətli kağızları. Məlumdur ki, bizdə bələdiyyə elə bir güclü iqtisadi bazaya, böyük maliyyə imkanlarına sahib deyil. Bu mənada bələdiyyə qiymətli kağızları deyilərkən nə nəzərdə tutulduğunu bilmək istərdim.
Bütövlükdə hesab edirəm ki, bu qanun maliyyə sabitliyinin təminatı yönündə mühüm bir rol oynayacaq və dövlətin iqtisadi-maliyyə maraqlarının xeyrinədir. Mən ona səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Bu, qanun layihəsinin birinci oxunuşudur. Çıxışlarda qaldırılan məsələlərə işçi qrupunda baxılmalıdır. İkinci oxunuşda bu məsələləri diqqətlə dinləyərik. Əgər başqa təklif yoxdursa, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Sağ olun.