15.05.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 110
Milli Məclisin iclas salonu.
15 may 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 99
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini.
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Kamran Babayev, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Departamentinin direktoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
5. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
1. Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Vahid Əhmədov, Azay Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Zahid Oruc
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.24 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr
(saat 12.26 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
4. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, İlyas İsmayılov, Elmira Axundova, Sahibə Qafarova, Azər Badamov, Bahar Muradova, Musa Quliyev, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Azay Quliyev, Aqil Abbas
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, 1–5-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Təklif: 6–11-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Təklif: 12–17-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
5. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Bahar Muradova, Ziyad Səmədzadə, Valeh Ələsgərov
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr
(saat 13.28 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, 1–49-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
Təklif: 50–92-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Bahar Muradova, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
15 may 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 99
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun. Gündəlik təsdiq edildi. Cari məsələlərin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəlikdəki məsələlərin müzakirəsinə başlayırıq. Gündəlikdə altı məsələmiz var. Birinci məsələ – Reklam haqqında qanun layihəsi (üçüncü oxunuş). Buyursun Vahid Əhmədov.
V.Əhmədov, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü.
Hörmətl cənab Sədr, hörmətli millət vəkilləri! Reklam haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında bu ilin yanvar ayında birinci oxunuşda, aprelin əvvəlində isə ikinci oxunuşda qəbul edilmişdir. İkinci oxunuş zamanı deputatlar qanun layihəsində xeyli müsbət dəyişikliklərin edildiyini, birinci oxunuşda verilən təkliflərin böyük əksəriyyətinin nəzərə alındığını qeyd etmişlər. Bu dəyişikliklər qanun layihəsinin təkmilləşdirilməsinə xidmət etmiş, işçi qrupu tərəfindən ona yeni prizmadan yanaşıldığını göstərmişdir. Buna görə qanun layihəsi ikinci oxunuşda deputatlar tərəfindən yekdilliklə qəbul edilmişdir.
Qeyd etməliyəm ki, qanun layihəsinin ikinci oxunuşunda da həmkarlarım tərəfindən bir sıra dəyərli təkliflər verilmişdir. Eyni zamanda, ikinci oxunuşdan sonra müxtəlif qurumlar da yeni təkliflərini təqdim etmişlər. Qanun layihəsini üçüncü oxunuşa hazırlayarkən işçi qrupu verilən bütün təklifləri diqqətlə araşdırmış, onlarla bağlı müzakirələr keçirmişdir. Qanun layihəsinin təkmilləşməsinə xidmət edən bütün təkliflər maksimum dərəcədə nəzərə alınmışdır.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı cənab Sədr Oqtay Əsədov diqqətimizi reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəltmişdir. Bununla əlaqədar olaraq bir sıra icra hakimiyyəti orqanlarının, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Səhiyyə Nazirliyinin təklifləri müzakirə olunmuş, layihədə müvafiq dəyişikliklər edilmişdir. Bu zaman reklam fəaliyyəti subyektlərinin maraqlarının uzlaşdırılması, bürokratik maneələrin yaranmasının qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Hörmətli həmkarlarım Ziyafət Əsgərovun və Gülçöhrə xanım Məmmədovanın da təklifləri qəbul olunmuşdur. Ziyafət müəllimin təklifi əsasında layihəyə reklamda dövlət rəmzlərinə, atributlarına hörmət olunması ilə bağlı maddə əlavə edilmiş, Gülçöhrə xanımın təklifinə görə isə reklam qurğularının təhlükəsizlik tələblərinə riayət olunmaqla yeniləşdirilməsi, şəhərin arxitekturasının pozulmamasına dair müddəalar əlavə edilmişdir. Başqa deputat həmkarların verdiyi təkliflər də nəzərə alınmışdır. Mən xüsusilə deputat həmkarım Valeh Ələsgərovun bu qanuna ciddi yanaşaraq verdiyi təklifləri yüksək qiymətləndirirəm.
Hesab edirik ki, bu qanunun qəbul olunması Azərbaycanda reklam bazarının daha da genişləndirilməsi, bu sahənin tənzimlənməsi və dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılan mühüm addım olacaq, əhalinin sosial-psixoloji durumuna müsbət təsir göstərəcəkdir.
Hörmətli həmkarlarım, mən və həmkarım Əli Məsimli Reklam haqqında qanun layihəsinin hazırlanmasında iştirak etmiş işçi qrupuna, təkliflərini vermiş millət vəkillərinə, dövlət qurumlarına və ictimai təşkilatlara minnətdarlığımızı bildirir və sizdən xahiş edirik ki, qanun layihəsinin Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilməsinə müsbət münasibət bildirəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Əlbəttə, çox sevindirici haldır ki, qanunun müəllif hörmətli həmkarımız Vahid Əhmədov ikinci oxunuşda səsləndirilən bütün təklifləri nəzərə alıb. Mən xüsusilə 10.5-ci maddəyə edilən dəyişiklikləri təqdir edirəm. Bu maddəyə dair təkliflər sosial reklamla bağlı idi. Bizim istədiyimiz o idi ki, televiziya və radioda sosial reklamın müddəti reklam üçün ayrılan ümum efir vaxtından ayrılsın. İndi burada aydın yazılıb ki, televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir. Bunu təqdir edirəm.
Sadəcə olaraq, gizli reklamla bağlı məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bu, əlbəttə, bu qanuna nəzarət edən qurumun səlahiyyətinə aiddir. Bu gün şahidi oluruq ki, filmlərdə, ayrı-ayrı televiziya verilişlərində tütün məmulatlarının, spirtli içkilərin gizli reklamı gedir. Buna nəzarət ciddiləşdirilməli və bu qanun qəbul olunduqdan sonra belə halların qarşısının alınması üçün müvafiq qurumlar tərəfindən monitorinq aparılmalıdır. Təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Hamınızı təbrik edirəm, çox lazımlı qanundur.
Hörmətli millət vəkilləri, iki iclasımız qalıb. Xahiş edirəm, iclas vaxtı telefonla danışmayasınız, bir-birimizə hörmət eləyək, sakitlik olsun. Ayda iki-üç iclasımız olur.
Gündəliyin ikinci məsələsinə keçirik. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəs Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranan kapital çatışmazlığının aradan qaldırılması mexanizminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanmışdır. Təklif olunan dəyişikliklər Mərkəzi Bankın kapital ehtiyatlarının minimal səviyyəsinə olan tələbi pozmamaq şərti ilə bu ehtiyatların həcminin müəyyən edilməsinin bankın ixtiyarına verilməsini nəzərdə tutur. Belə ki, qanunun 10.3-cü maddəsinin qüvvədə olan redaksiyasına görə Mərkəzi Bankın kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən olunur. Həmin maddənin təklif olunan variantında isə Mərkəzi Bankın kapital ehtiyatlarının onun nizamnamə kapitalından az olmaması şərti irəli sürülür. Bu zaman əvvəlki kimi, kapital ehtiyatlarının Mərkəzi Bankın mənfəətindən ayırmalar hesabına formalaşdırılması nəzərdə tutulur.
Qanunun 12-ci maddəsində edilməsi təklif olunan dəyişiklik texniki xarakter daşıyır, yəni maddənin 2-ci və 3-cü hissələrinin birləşdirilməsini və 3-cü hissənin ləğv olunmasını nəzərdə tutur.
Hazırda Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan fərq Qanunun 13-cü maddəsinə əsasən Mərkəzi Bankın kapital ehtiyatlarında əks olunsa da, bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır. Dəyişikliklərdən sonra isə yenidən qiymətləndirmə nəticəsində yaranan fərq, yəni mənfəət və zərər normativin hesablanması zamanı nəzərə alınacaqdır. Eyni zamanda, 13-cü maddəyə əlavə olunan ikinci hissədə deyilir ki, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.
Qanunun 14-cü maddəsində edilməsi təklif olunan dəyişikliyə görə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığının bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilməsi nəzərdə tutulur.
Təklif edilən dəyişikliklərdən belə nəticə hasil olur ki, Mərkəzi Bank özünün kapital ehtiyatlarının həcmini müəyyən edərkən balansında olan xarici valyutanın və qızılın yenidən qiymətləndirilməsi nəticəsində əmələ gələ biləcək müsbət və ya mənfi fərqi nəzərə almalı və zərərlə üzləşdiyi halda həmin zərəri ilk növbədə öz kapital ehtiyatları hesabına ödəməli, çatışmayan məbləğ üçün isə bir maliyyə ili keçdikdən sonra dövlətin yardımına müraciət etməlidir. Bu isə imkan verəcək ki, növbəti maliyyə ili mənfəətlə nəticələndiyi halda həmin zərər yaranmış mənfəət hesabına örtülsün.
Millət vəkillərindən xahiş edirəm ki, İqtisadi siyasət komitəsində çox ətraflı müzakirə olunmuş bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Əlbəttə, Mərkəzi Bankla bağlı təklif olunan qanun dəyişikliyi çox önəmlidir. Ötən iki ay ərzində müşahidə etdiyimiz tendensiyalar sübut edir ki, qanunvericilik aktlarını çevik şəkildə təkmilləşdirmək, iqtisadi konyunkturanın tələblərinə uyğunlaşdırmaq lazımdır. Mərkəzi Bankın aprel ayı üçün verdiyi məlumatdan da görünür ki, bu sektorda aktivliyin təmin olunması üçün müxtəlif tədbirlərə ehtiyac var. Çünki Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat həcmində azalması özü sübut edir ki, hələ də maliyyə bazarında dövlət tərəfindən sabitləşmə tədbirlərinin gözlənməsi investorların, iş adamlarının, ümumiyyətlə, daxildə fəaliyyət göstərən hər bir qüvvənin marağındadır.
Azərbaycanda maliyyə-bank sferasındakı sabitlik həm də vətəndaşların xeyrinədir. Bu qanun layihəsində təklif olunan dəyişikliklər Mərkəzi Bankın resurslarını genişləndirməyə imkan verəcəkdir. Ən azı qiymətli kağızlar baxımından mən bunu söyləyirəm.
Mən son dövrlərdə cəmiyyətdə müxtəlif reaksiyalar doğuran kredit məsələlərinə də toxunmaq istəyirəm. Bütün hallarda dövlətin resursu müxtəlif banklar vasitəsilə vətəndaşlara və o cümlədən investorlara çatır. Biz son günlər ayrı-ayrı iş adamları ilə bağlı həyata keçirilən həbs və dindirmələr kredit bazarında sabitlik üçün atılan addım kimi dəyərləndiririk.
Bu məsələ ətrafında ajiotajı anlamaq mümkün deyil. Əgər biz keçmişə dönüb baxsaq, görərik ki, dəfələrlə parlamentdə kredit faizləri ilə bağlı müxtəlif fikirlər səslənmiş, Mərkəzi Bankın vasitəsilə verilən ipoteka kreditlərinin faizləri, şərtləri ilə bağlı məsələlər qaldırılmışdır. Sadə vətəndaş aldığı krediti vaxtında ödəyə bilməyəndə ona qarşı məhkəmə orqanları tərəfindən sərt sanksiyalar tətbiq olunur və bəzən bu vətəndaşlar qoyduqları girovu, yəni evlərini itirmək məcburiyyətində qalırlar. Bu, ajiotaj doğurmur. Ancaq son günlər bir neçə şəxsə qarşı həyata keçirilən tədbirlər ətrafında aparılan kampaniyanı görəndə mən məcburam düşünüm ki, nə baş verir?
Tarixdə bir “indulgensiya” termini var. Katolik kilsələr müxtəlif şəxslərə günaha görə cəzadan azad olmaq barədə qəbz, sanki bir səlahiyyət verirdilər ki, onlar cinayət törədə bilərlər. Orta imkanlı hər hansı şəxs kredit öhdəliyini yerinə yetirməyəndə ona qarşı sanksiyalar ola bilər, amma külli miqdarda dövlət vəsaitini kredit götürüb təyinatı üzrə sərf etməyən və onu banka qaytarmağı biryolluq “unudan” insanlar sanki hesabatlı deyillər.
Məni ən çox qayğılandıran odur ki, bu şəxslərin müdafiəçiləri ötən illər ərzində dövləti proteksiyaçılıqda ittiham eləyənlərdir. 2013-cü ildə “biz hakimiyyətə gəlsək, xalqın kredit borcunu varlı adamların imkanlarını ələ keçirməklə qaytaracağıq” deyən adamlar bu gün həmin varlı adamları müdafiə eləməyə başlayıblar.
Ölkə rəhbəri dünən bir daha bəyan elədi ki, Azərbaycanda biznes fəaliyyəti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliyi yerinə yetirəsən. Azərbaycanda ötən illər ərzində həm Mərkəzi Bank, həm də hökumətin digər strukturları tərəfindən mühüm addımlar atılmışdır. Bu sektorda hər kəsin o öhdəliyi yerinə yetirməsi yetərlidir ki, iqtisadi sabitlik qorunub saxlansın və bu, bütövlükdə həm vətəndaşın, həm də dövlətin xeyrinə olsun.
Cənab Sədr, mən təşəkkür edirəm ki, bu barədə fikirlərimi bölüşməyimə dözümlə yanaşdınız. Mən bu sənədi çox əhəmiyyətli hesab edirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Nə qədər dözümlə yanaşsam da, nəyə məcbur olduğunu mən başa düşmədim. Ajiotaj yaradanlar isə bilinir kimlərdir. O adamlar Azərbaycanda hər müsbət məsələ ətrafında ajiotaj yaradırlar. Ona görə xahiş edirəm, narahat olmayın. Dövlət orqanları var. Kreditlərini idarə edə bilməyən adamları çağırırlar, onlarla bağlı yaranmış problemlərin həlli üzərində işləyirlər. Burada heç bir ajiotaj yoxdur. Ona görə heç nəyə məcbur olmayın.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.24 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Bildiyiniz kimi, cənab Prezident tərəfindən imzalanmış “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli fərman çox mühüm bir fərmandır. Bu fərmanın icrasından irəli gələn bir sıra məsələlər qanunvericiliklə bağlıdır. Bilirsiniz ki, biz keçən sessiyada sahibkarlıq fəaliyyətindəki qanunsuz yoxlamaların qarşısının alınması ilə bağlı xüsusi bir qanun qəbul etdik. Eyni zamanda, sahibkarlığın inkişafı ilə bağlı, xüsusən də hüquqi şəxslər tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydasına dair qanunvericiliyin sadələşdirilməsi məsələsi qarşıda dururdu. Məhz bu məqsədlə Mülki Məcəlləyə 49-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddə korporativ idarəetmənin təkmilləşdirilməsinə və investorların maraqlarının qorunmasına xidmət edəcək.
Komitədə bu layihə müzakirə olunarkən bir sıra təkliflər var idi, onları qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etmişik. Təklif olunub ki, Mülki Məcəlləyə əlavə edilən 49-1-ci maddəyə “nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə olunsun.
Bir daha vurğulamaq istəyirəm ki, Mülki Məcəllədə edilən bu əlavə və dəyişikliklər bütövlükdə sahibkarlıq fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Odur ki, hörmətli millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Dördüncü məsələ – Vətəndaşların müraciətləri haqqında qanun layihəsi barədə (ikinci oxunuş). Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, əsas kimi qəbul edildi. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Bu məsələ İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti komitəsi tərəfindən birlikdə müzakirə olunmuşdur. Birinci oxunuş zamanı hörmətli millət vəkillərinin bir çox təklifləri, iradları mövcud idi. Həmin təklif və iradlara komitələrin birgə iclasında layihənin müzakirəsi zamanı baxıldı və onlar ətraflı araşdırıldı. Mən ilk növbədə müzakirələr zamanı səsləndirilmiş və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb nəzərə alınmış təklifləri nəzərinizə çatdırmaq istəyirəm.
4.0.1-ci maddədə və layihənin bütün mətnində millət vəkili Fazil Mustafanın təklifi ilə “qanunçuluğa riayət edilməsi” sözləri “qanunçuluq” sözü ilə əvəz olunmuşdur. Millət vəkili Çingiz Qənizadənin təklifi ilə 6-cı maddədən “atasının adı” sözləri çıxarılmışdır. Millət vəkili Rafael Cəbrayılov 7.10-cu maddədə müddətlə bağlı “beş” sözünün “üç” sözü ilə, Elmira xanım Axundova 10.1-ci maddədə “15 təqvim günü” sözlərinin “15 iş günü” sözləri ilə əvəz olunmasını, yenə də Rafael Cəbrayılov 10.5-ci maddədə “müraciətin” sözündən sonra “müraciətə baxan subyektə” sözlərinin əlavə olunmasını təklif etmişdilər. Bu təkliflər də qanunvericilik subyekti tərəfindən nəzərə alınmışdır. Hörmətli millət vəkillərinin 3-cü, 4-cü, 5-ci, 8-ci, 9-cu və 10-cu maddələrə dair texniki xarakterli bir sıra təklifləri mövcud idi. Qanun layihəsinə baxsanız, o təkliflər üzrə də edilmiş dəyişiklikləri görə bilərsiniz.
Qanun layihəsi ədəbi dil normalarına daha dəqiq riayət olunması üçün dil ekspertizasından keçirilmişdir. Misal üçün deyim ki, 3-cü maddədən 15-ci maddəyə qədər mətndə “baxılma” sözü “baxılması” sözü ilə əvəz olunmuşdur. Mən bu cür texniki dəyişikliklərin üzərində dayanmaq istəmirəm. Amma demək istəyirəm ki, hörmətli həmkarlarımızın bir sıra bu cür vacib təklifləri nəzərə alınmışdır.
Vacib məsələlərdən biri də anlayışlar ilə bağlıdır. Cənab Sədr, bu məsələ millət vəkilləri tərəfindən qaldırılmışdı, dünən Sizin yanınızdakı müzakirədə bir daha qaldırıldı. 3-cü maddədə bilirsiniz ki, “vətəndaş” anlayışının izahı “müraciət edən fiziki və hüquqi şəxs” kimi verilmişdi. Qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılıb. Bunun “müraciət edən fiziki və hüquqi şəxs” kimi nəzərə alınmasını xahiş edirəm.
Əlbəttə, bu qanun dövlət–vətəndaş münasibətlərinin müasir inkişaf mərhələsində çox vacib bir qanundur. Bilirsiniz ki, ölkə Prezidenti tərəfindən tövsiyələr və tapşırıqlar verilib. Ölkə üzrə vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və effektiv baxılması üçün bütün hakimiyyət qolları tərəfindən lazımi işlər görülür. Düşünürəm ki, parlament tərəfindən belə bir qanunun qəbulu da vətəndaş–dövlət münasibətlərinə bizim verəcəyimiz töhfədir.
İndi, yəqin ki, ikinci oxunuş zamanı da bir sıra əhəmiyyətli təkliflər olacaq. Biz onları, təbii ki, qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə eləməli, razılaşdırmalıyıq. Odur ki, sizlərdən əlavə təkliflər və tövsiyələr gözləyirik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu məsələ dəfələrlə müzakirə olunub və hesab edirəm ki, kifayət qədər də maraqlı təkliflər səslənibdir. Bu gün ikinci oxunuş olduğuna görə konkret maddələr üzrə fikir səsləndirməzdən öncə mən bir daha qanunun adı ilə bağlı məsələyə diqqətinizi yönəltmək istəyirəm.
Konstitusiyanın 57-ci maddəsində hər bir vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ təsbit olunubdur və bu qanun layihəsi də həmin maddəyə əsaslanaraq hazırlanıbdır. Amma mən hesab edirəm ki, bu məsələdə bir şeyi diqqətdən qaçırmamalıyıq. Biz müraciət etmək hüququ ilə bağlı qanun qəbul eləyiriksə, indidən bu sahədə bir boşluğun yaranmasına imkan verməməliyik. Yəni bu qanunda yalnız vətəndaşın müraciət eləmək hüququndan söhbət gedirsə, elə çıxır ki, vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin müraciətləri haqqında bundan sonra ayrıca qanun qəbul eləməli və orada göstərməliyik ki, onlar hansı formada müraciət etməlidirlər. Ona görə də bu ad məsələsi üzərinə bir daha qayıtmağa ehtiyac var. Ümumiyyətlə, bu, müraciətlərə baxılması qaydası haqqında qanun olsa, daha məqsədəuyğun olar və onun içində bütün subyektlər nəzərdə tutula bilər. Mexaniki şəkildə Konstitusiyanın 57-ci maddəsini əsas götürməyimiz isə gələcəkdə yeni qanunun qəbul olunmasına ehtiyac yaradacaq.
Çox hörmətli Əli müəllim öz çıxışında “vətəndaş” an-layışının izahını verdi. Amma yenə də bütün hallarda 3.0.1-ci maddədə nəzərdə tutulan hər bir fiziki və ya hüquqi şəxsi vətəndaş hesab etmək mümkün deyil. Hər hansı bir hüquqi şəxs vətəndaş sayılırmı? Məncə, burada “subyekt” sözündən istifadə edilməs daha doğru olar. Bu halda biz bir az qeyri-dəqiqlikdən qaçmış olardıq.
Konstitusiyada dövlət orqanlarına müraciətdən söhbət gedir. Ona görə Konstitusiyaya mexaniki şəkildə müraciət etməyimiz doğru deyil. Bu qanunda biz özəl qurumlara və yerli özünüidarə qurumlarına da müraciətlər nəzərdə tuturuqsa, Konstitusiya ilə bu qanun arasında müəyyən ziddiyyətlərin olması, məncə, diqqətdən yayınmamalıdır.
3.0.7-ci maddədə müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi deyəndə müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs nəzərdə tutulur. Bunu yalnız canlı yayımla məhdudlaşdırmaq olmaz. Yəni canlı yayımda hər hansı şəkildə suallar daxil olubsa, o sualları sonrakı vaxtda cavablandırmaq imkanının subyekt üçün tanınması vacibdir.
Burada baxılmamış saxlanılan müraciətlər anlayışının da dəqiq izahı verilməli və göstərilməlidir ki, hansı müraciətlər baxılmamış saxlanıla bilər. Məsələn, bizdə anonim müraciətlər, ümumiyyətlə, qəbul olunmur. Amma məncə, anonim müraciətlər qəbul olunmalıdır. Orada bəlkə elə faktlar var ki, insanlar qorxub açıq ifadə eləmirlər. Onu baxılmamış saxlanılan müraciətlər kateqoriyasına aid etmək daha doğru ola bilər.
Maddə 6-da bütün müraciət formaları nəzərdə tutulubdur. Amma poçtla göndərilmə və ya təqdim edilmə məsələsi nəzərdə tutulmayıb. Məncə, onu da üçüncü oxunuşa qədər qeyd eləmək yerinə düşər.
Müraciətlərə cavabların Azərbaycan dilində verilməsi də, məncə, ziddiyyət yaradar. Təbii ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Amma biz bu qanunda hər kəsin müraciət etmək hüququnun olduğunu nəzərdə tutarıqsa, məsələn, xarici ölkə vətəndaşı miqrasiya, gömrük və ya hər hansı başqa bir problemlə bağlı öz dilində müraciət eləyə bilər. Onun o dildə, ingilis dilində müraciətinə diqqətsiz yanaşmaq, Azərbaycan dilində deyil deyə onu kənara çevirmək sabah müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər.
Layihədə vacib məsələlərdən bir də 7.13-cü maddədəki müddəa ilə bağlıdır. Burada deyilir: “Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır”.
Mən sizə bu problemlə bağlı bir nümunə demək istəyirəm. Oqtay müəllim, Meydan TV-də, ola bilsin, siyasi, qərəzli və sair məsələlər var. Amma mən bir süjeti izlədim. Bir məktəbin xadiməsi nazirliyə müraciət eləyir ki, mən 53 manat maaş alıram, 3 yetim uşaq saxlayıram. Bu maaş uşaqları və məni görmür. Xahiş edirəm, mənim maaşımı qaldırın. Deyək ki, nazirliyə savadsızlıqdan, hazırlıqsızlıqdan müraciət eləyib. Müraciət göndərilib məktəbin direktoruna. Məktəbin direktoru məsələni qısa müddətdə “həll eləyib”. Xəstəxanadan həkim gətiriblər, qadını yoxlayıb, iynə vurublar, zorla əsəb xəstəxanasına aparıb, 4 gün orada saxlayıblar. Xəstəxananın nümayəndəsi etiraf eləyir ki, qadını məktəb direktoru ilə bir yerdə gətirdilər və biz də onu 4 gün saxladıq, sonra buraxdıq.
Qadının taleyinə baxırsan – üç uşaq, ayaqqabıları yox, bir o birinin ayaqqabısını geyinir. Onları məktəbə göndərmək imkanı yox. Xadimə işləyirdi. Bu, ola bilsin, əsəbi adamdır, nəyi isə düz demir. Amma bir məktubuna görə insanın bu qədər təqib olunması faktı onu göstərir ki, bunun məsuliyyəti dəqiqləşməlidir. İnsan bilməlidir ki, tabeliyində olan işçi harasa müraciət eləyirsə... Əvvəla, o məktub məktəbə göndərilməməliydi. Çünki məktəbə aidiyyəti yoxdur. O yazıb ki, maaşı qaldırın. Qaldırmırsınız, qaldırmayın. Adam mütləq əsəb xəstəxanasına göndərilməlidir? Axı bu bizim vətəndaşdır. Nə olar ki, acınacaqlı vəziyyətdə yaşayır.
Bu baxımdan, məncə, məsuliyyəti bir az sərtləşdirməli və qanunda konkret göstərməliyik ki, müraciətə baxmalı olan orqan və ya hüquqi şəxs müraciəti başqa ünvana göndərməyə, başından etməyə görə hansı məsuliyyəti daşıyır.
Sonda mən istəyirəm, bir məsələyə də toxunum. 17-ci maddədə bu qanunun hansı vaxtdan ləğv edilməsi məsələsi qoyulubdur. Məncə, burada qanunun hansı vaxtdan qüvvəyə minməsi faktı göstərilsə, daha yaxşı olar. Çünki qanun ləğv olunmur, qanun qüvvədən düşə və onun yerinə yeni qəbul olunan qanun qüvvəyə minə bilər. Ona görə də bu vaxtın dəqiq göstərilməsi, yəqin ki, Prezidentin fərmanında da nəzərdə tutulacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Vətəndaşların müraciətləri haqqında qanun layihəsi müvafiq bilik əsasında qanunvericilik texnikasının tələbləri, əsasən, gözlənilməklə yaxşı tərtib edilmişdir. Bununla yanaşı, onu daha da təkmilləşdirmək istiqamətində bir neçə arzumu bildirmək istəyirəm.
1-ci maddənin 1-ci hissəsində “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsi ilə” sözlərindən sonra “və ya poçt vasitəsi ilə” sözləri əlavə olunsun və sonra mətn üzrə “yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır” sözləri yazılsın.
3-cü maddənin 1-ci bəndində “vətəndaş” anlayışı “müraciət edən fiziki və ya hüquqi şəxs” kimi müəyyən edilib. Mən bu baxımdan Fazil müəllimin fikrini müdafiə edirəm. Çünki vətəndaşlıq fiziki şəxsə məxsusdur, hüquqi şəxs vətəndaş ola bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24-cü maddəsində fiziki şəxs anlayışı belə müəyyən edilir: “Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasının bütün vətəndaşları, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir”.
Məcəllənin hüquqi şəxs anlayışı və onun növlərinə həsr olunmuş 43-cü maddəsində deyilir: “Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələri daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır”. Bu maddədən də göründüyü kimi, hüquqi şəxs vətəndaş ola bilməz.
Əlbəttə, dövlətin hər hansı bir məqsədyönlü fəaliyyəti sosial tələblərin özünəməxsus ifadə forması olan, bu fəaliyyətin mahiyyətini, strukturunu və inkişafını əks etdirən prinsiplərə, rəhbər ideyalara əsaslanmalıdır. Odur ki, layihədə “Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri” adlanan 4-cü maddənin olması çox vacibdir. Lakin layihənin bu maddəsində sadalanan prinsiplər qısa sosial tələb kimi yazılmalıdır. Məsələn, 4.0.1-ci maddədə layihənin birinci oxunuşunda “qanunçuluğa riayət edilməsi” yazılmışdı. İkinci oxunuşa təqdim olunan layihədə isə düzgün olaraq “qanunçuluq” yazılıb. Düşünürəm ki, bu baxımdan 4.0.6-cı maddədə “müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi” yox, qısaca olaraq “şəffaflıq” yazılmalıdır. Düşünürəm ki, qanunçuluq prinsipi fiziki və hüquqi şəxslərin mənafelərinin qorunmasını ehtiva etdiyindən onun ayrıca olaraq 4.0.1-ci maddədə əks etdirilməsinə ehtiyac yoxdur.
Layihənin 7.8-ci maddəsində “müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda” sözlərindən sonra “bunun əsasları göstərilməklə” sözləri əlavə olunmalı və sonra mətn üzrə “müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir” sözləri yazılmalıdır.
Mənim redaktə xarakterli bir iradım da var. Layihənin 1.2-ci maddəsində yazılıb: “Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Burada “hüquqlarını” yox, “digər şəxslərin hüquq və azadlıqlarını” yazılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Vətəndaşların müraciətləri haqqında qanun layihəsinin birinci oxunuşu zamanı onun əhəmiyyəti barədə öz fikirlərimi bildirmişəm və mənim təkliflərimi nəzərə aldıqlarına görə qanun müəlliflərinə öz təşəkkürümü bildirirəm. Bu gün isə konkret maddələrlə bağlı bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdim.
İlk növbədə qanunun 1-ci maddəsi ilə bağlı. Qeyd edim ki, bu maddədə vətəndaşların özəl hüquqi şəxslərə müraciət etmək hüququ nədənsə öz əksini tapmayıb. Belə ki, bu maddədə vətəndaşların yalnız dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə müraciət etmək hüququndan söhbət gedir. Hesab edirəm ki, təkcə dövlət müəssisələri yox, həmçinin bütün hüquqi şəxslər vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmalıdır. Bu baxımdan vətəndaşların özəl hüquqi şəxslərə də müraciət hüququ qanunla tanınmalı və tənzimlənməlidir.
Digər bir məsələ qanunun 6-cı maddəsi ilə bağlıdır. Həmin maddə vətəndaşların müraciətlərinə dair tələblərdən bəhs edir. 6.4-cü maddədə qeyd olunur ki, müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla bu qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. 6.3-cü maddəyə nəzər salsaq görərik ki, həmin maddəyə görə müraciətdə fiziki şəxsin olması tələb kimi göstərilmir. Halbuki 3.0.15-ci maddəyə görə vətəndaşın adı, soyadı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası olmadıqda müraciət anonim sayılır. Bu maddələr arasında müəyyən uyğunsuzluq var və yəqin, 6.3-cü maddəyə bu məsələni də qoymalıyıq.
Başqa bir sualım 7.13-cü maddə ilə bağlıdır. Burada göstərilir ki, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən və ya hərəkətsizliyindən şikayət edilən subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Mən qismən bununla razıyam. Fazil Mustafa da bu barədə misallar gətirdi. Biz də belə misallar gətirə bilərik.
Lakin praktikaya nəzər salsaq, bunun tam şəkildə mümkün olmadığının və heç məntiqli də olmadığının şahidi olarıq. Misal üçün, mənim təcrübəmdə dəfələrlə elə hallar olur ki, məhz hərəkətindən şikayət edilən dövlət orqanı tərəfindən vətəndaşların müraciəti müsbət həll edilir. Deyək ki, vətəndaş pensiyanın düzgün təyin olunmamasından şikayətçidir. Bu halda müraciət Dövlət Sosial Müdafiə Fondundan başqa hara ünvanlana bilər? Mən belə məktubları məhz ora ünvanlayıram və məsələ bir çox hallarda öz həllini tapır.
Ünvanlı sosial yardımın verilməməsi və ya düzgün təyin olunmaması ilə də bağlı vətəndaşların çoxsaylı şikayətləri bizə gəlir və biz onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən həmin şəxslərə göndəririk. Belə müraciətlər başqa hansı orqana göndərə bilərik?
Bu baxımdan düşünürəm ki, həmin maddə reallığı əks etdirməyəcək və işləməyəcək. Bunun əvəzinə vətəndaşların müraciətlərinə cavab verilməməsinə görə dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətini artıran bir maddənin qanuna əlavə olunması, məncə, daha məqsədəuyğun olardı. Bu çox vacib, bəlkə də ən vacib məsələlərdən biridir. Xahiş edərdim ki, üçüncü oxunuşda qeyd etdiyim məsələlərə də aydınlıq gətirəsiniz.
Ümumiyyətlə, qanun çox aktualdır, çox lazımlıdır, çox yaxşı işlənib və o xırda düzəlişlər edilərsə, biz ona məmnuniyyətlə səs verəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımın bu qanunun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək bildirmək istəyirəm ki, müasir, dinamik Azərbaycan dövləti ölkədə şəffaflığın təmin olunması, korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparılması, vətəndaş–məmur münasibətlərinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı güclü siyasi iradə nümayiş etdirir.
Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilir, bu sahədə institusional və sistematik xarakterli tədbirlər həyata keçirilir, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilir. Belə ki, idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, vətəndaşların müraciətlərinin qəbul olunması və araşdırılması qaydalarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
Prezident İlham Əliyev ölkəmizdə yüksək məmur–vətəndaş münasibətlərinin qurulması ilə bağlı daim öz fikirlərini bildirir, məmurlar qarşısında qoyduğu tələbləri diqqətə çatdırır. Dövlət başçısı həmişə vurğulayıb ki, vətəndaş–məmur münasibətlərində siyasi mədəniyyət olmalı, insanlara hörmətlə yanaşılmalıdır. Vəzifəli şəxslər, məmurlar isə bu mədəniyyət və hörməti həm də vətəndaşların müraciətlərinə münasibətdə nümayiş etdirməlidirlər.
Bunları nəzərə alaraq hesab edirəm ki, Vətəndaşların müraciətləri haqqında qanunun qəbulu çox əhəmiyyətli bir məsələdir. Şübhə yoxdur ki, bu günə qədər vətəndaşların müraciətlər ilə bağlı müəyyən məsələlər müxtəlif qanunvericilik aktlarında və müvafiq strukturların qəbul etdikləri əsasnamələrdə həllini tapıb, bununla bağlı qaydalar müəyyənləşib. Bununla belə, Azərbaycanın müasir reallıqlarında bu qanunun əhəmiyyəti olduqca böyükdür. Çünki Azərbaycan demokratik inkişaf yolunda irəliləyir, inkişaf isə davamlı prosesdir, hər mərhələdə şəraitə uyğun və qarşıya çıxan şərtlərə müvafiq olaraq ardıcıl addımların atılması vacibdir.
Qanunda vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, qanunun tətbiq dairəsi, müraciətlərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılma qaydaları çox aydın şəkildə əks olunub. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra bu məsələlərlə bağlı bəzən ortaya çıxan problemlərin həlli üçün artıq ciddi hüquqi əsas formalaşacaq.
Mənim üçün bu qanunda xüsusi əhəmiyyəti olan məsələlərdən biri müraciətə baxılma müddəti ilə bağlı maddədir. Çünki bu günə qədər bəzi hallarda vətəndaşların bu məsələ ilə bağlı narazılığının şahidi olurduq və bizə gələn məktublarda da bu, əks olunurdu. İndi isə qanunda konkret göstərilir ki, vətəndaşların müraciətlərinə bəzi istisnalar nəzərə alınmaqla 15, xüsusi yoxlamalar tələb edən müraciətlərə isə 30 iş günü ərzində cavab verilməlidir. Yəni artıq burada gecikmədən söhbət gedə bilməz. Eyni zamanda, müraciətə baxılma zamanı vəzifəli şəxslərin vəzifələri və davranış qaydaları, vətəndaşın hüquqları çox aydın şəkildə əks olunub ki, bu da qanunun əhəmiyyətini artıran məqamlardandır.
Ümumilikdə hesab edirəm ki, bu qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətlərin tənzimlənməsinə mühüm töhfəsini verəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Təqdim olunmuş Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi yüksək səviyyədə hazırlanmışdır. Bu qanunun qəbulu artıq vətəndaşla dövlət orqanları və qeyri strukturlar arasında münasibətləri tam tənzimləyəcək və ölkəmizdə demokratik cəmiyyətin inkişafına xidmət edəcəkdir.
Qanunda vətəndaşların müraciətləri ilə bağlı bir çox məsələlərlə yanaşı, bu qanunun tələblərini pozan şəxslərin Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıdıqları qeyd edilir. Bu yaxşı haldır, amma təəssüf ki, qanun layihəsində təhqir, böhtan və şantaj xarakterli müraciətlərə görə vətəndaşın cavabdehliyi haqqında konkret heç nə nəzərdə tutulmamışdır. Bu da əsassız müraciətlərin artmasına gətirib çıxara bilər. Ona görə də təklif edirəm ki, qanun layihəsinə əsassız, böhtan, şantaj və təhqir xarakterli müraciətlərə görə məsuliyyət haqqında bir maddə əlavə olunsun. Bu, müraciət edənin cavabdehliyinin artmasına və əsassız müraciətlərin aradan qalxmasına xidmət edəcəkdir.
Qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Azər müəllim. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu, Azərbaycanda dövlət quruculuğu prosesinin inkişafına, vətəndaş–dövlət münasibətlərinin daha sivil və hüquqi əsaslarda inkişaf etməsinə xidmət edəcək bir qanun layihəsidir və deputat həmkarlarım kimi mən də onun qəbul edilməsinə səs verəcəyəm. Eyni zamanda, ikinci oxunuşun tələblərinə uyğun olaraq bəzi təkliflərim hörmətli Məclisin diqqətinə çatdırmaq istəyirəm.
Məndən öncə hörmətli millət vəkili Fazil Mustafa da qanunun adı və vətəndaş anlayışı ilə bağlı məsələyə toxundu. Qanunun adından görünür ki, bu, vətəndaşların müraciətlər haqqında qanundur. Amma qanunun 5.9-cu maddəsində göstərilir ki, bu qanun eyni zamanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Belə olan halda mən təklif edirəm ki, qanunun adında “vətəndaşların” sözündən sonra mötərizədə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin” sözlərini yazaq və “Əsas anlayışlar” adlı 3-cü maddədən vətəndaş anlayışını çıxaraq. Çünki bu maddədəki vətəndaş anlayışı Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş vətəndaş anlayışına uyğun gəlmir. Layihədəki 3.0.1-ci maddəyə inansaq, qəbul etməliyik ki, müraciət edən fiziki və ya hüquqi şəxs vətəndaşdır. Bəs, müraciət etməyən şəxs vətəndaş deyil?
Digər tərəfdən, hörmətli İlyas müəllim də burada söylədi, hüquqi şəxs vətəndaş deyil, vətəndaş fiziki şəxsdir, vətəndaş insandır. Ona görə də burada dolaşıqlıq yaranmasın deyə, 3-cü maddədən vətəndaş anlayışının çıxarılmasını və qanunun adında “vətəndaşların” sözündən sonra mötərizədə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin” sözlərinin əlavə edilməsini təklif edirəm.
6.9-cu maddədə deyilir ki, müraciətin mətni oxunaqlı olmalıdır. Bu, kitab deyil, məqalə deyil, şer deyil ki, oxunaqlı olsun. Vətəndaş müraciətini yazıb göndərir. Oxunaqlı olmaq nə deməkdir? Sabah istənilən məmur deyə bilər ki, bu oxunaqlı deyil və mən qanunun 6.9-cu maddəsinə görə buna cavab vermirəm. Ona görə də mən təklif edirəm ki, 6.9-cu maddədən “müraciətin mətni oxunaqlı olmalı” sözləri çıxarılsın. Əsas tələblərdən biri fikrin aydın ifadə olunmasıdır ki, bu da orada öz əksini tapıbdır.
7.5-ci maddədə göstərilir ki, müraciətə dövlət dilində cavab verilməlidir. Mən hesab edirəm ki, Azərbaycan Respublikası ərazisində bütün yazılı müraciətlər dövlət dilində olmalı və bu, qanunda da öz əksini tapmalıdır. Yoxsa hər hansı bir uzaq ölkədən gələn bir xarici vətəndaş öz dilində bir müraciət yazıb göndərəcək, sonra da bizimkilər onun əlində əsir-yesir olacaq ki, görəsən, burada nə yazılıbdır, bu dili bilən tərcüməçini haradan tapaq və buna necə cavab göndərək.
Bütün dünyada necədir? Yazılı müraciət ölkənin dövlət dilində olar. Ona görə də biz çəkinməli deyilik. Bəli, şifahi müraciət ola bilər. Bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri yaşayır. Azsaylı xalqların kompakt yaşadığı ərazilərdə vətəndaş dövlət idarələrində də öz dilində şifahi müraciət edə bilər. Amma bütün ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da yazılı müraciətlər dövlət dilində edilməlidir.
Mənim daha bir təklifim 15.2-ci maddə, yəni canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciətlərə dair müddəa ilə bağlıdır. Bu da müəyyən dolaşıqlıqlar yaradacaqdır.
Bizim özəl televiziyalarda canlı yayımlanan sosial xarakterl bir sıra proqramlar var. Onlar orada hətta öz səlahiyyətlərindən artıq işlərlə məşğul olur, yəni kimləri isə axtarıb tapır, kimləri isə götürüb müalicə edir, kimləri isə işə düzəldir, kimləri isə evləndirir, kimləri isə boşandırır, kimlərə isə öyüd verir, kimləri isə danlayırlar. Mən buna toxunmuram. O ayrı mövzudur, onların öz işləridir.
Amma biz layihənin 15.2-ci maddəsində yazırıq ki, vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılma qaydası bu qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Müraciətə baxan subyekt televizorun qarşısında oturub işləmir ki, orada kimin ona hansı müraciəti etdiyini görsün. Müraciət edən şəxs sabah deyəcək ki, qanunun filan maddəsinə uyğun olaraq mənim müraciətimə baxmalısınız. Ona görə də bu müddəa ya buradan çıxarılmalı, ya da buraya əlavə olaraq yazılmalıdır ki, həmin proqramı aparan və ya yayımlayan şəxslər o vətəndaşın müraciətini bu qanunun 7-ci maddəsinə uyğun olaraq qeydə alıb yazılı şəkildə aidiyyəti orqanlara göndərməlidirlər.
Ümumiyyətlə, mən bu qanunu, – yenə deyirəm, – dövlətçiliyə xidmət edən bir qanun hesab edirəm. Hesab edirəm ki, o, Azərbaycanda demokratiyanın inkişafına, vətəndaş cəmiyyətinin qurulmasına xidmət edəcək. Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Musa müəllim, çox maraqlı fikirlərinizə görə təşəkkür edirik. Mən düşünürəm ki, Sizin bəzi fikirləriniz elə bizim həmkarlarımızın da daim üzləşdiyi və əslində, bölüşdüyü fikirlərdir. Çox yaxşı olardı ki, Siz fikirlərinizi yazılı şəkildə təqdim edəsiniz. Bu halda yəqin ki, qanun yaradıcıları da bu məsələnin üzərində daha ciddi düşünə bilərlər. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm. Mən də həmkarlarım kimi qeyd etmək istəyirəm ki, bu qanun layihəsi ikinci oxunuşa çox yaxşı hazırlanıb, bütün məsələlərə diqqət yetirilib və vacib olan bir çox məsələlər nəzərə alınıbdır. Mən bir neçə məsələyə qısaca toxunmaq istəyirəm.
“Vətəndaşların müraciətləri haqqında qanunvericilik” adlı 2-c maddədə vətəndaşların müraciətlərinə baxılmasının qanunvericilik əsasları qeyd edilir. Buradan aydın olur ki, vətəndaşların müraciətləri haqqında qanunvericilik həm də “Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir”. Qeyd edək ki, hər hansı bir nazirlik və ya özəl şirkətin əsasnaməsi Ədliyyə Nazirliyində hüquqi qeydiyyatdan keçirsə, artıq normativ hüquqi akt statusunu alır. Bələdiyyənin də qəbul etdiy o cür sənədlər var və orada özü müəyyən qaydalar müəyyən edir. Onda necə olacaq, bu, kazus yaratmayacaqmı?
Biz qanunlarda, adətən, Konstitusiyanı, tərəfdaş çıxdığımız beynəlxalq konvensiyaları və ya beynəlxalq müqavilələri nəzərdə tuturuq. Bu qanunu qəbul etdikdən sonra ehtiyac duyularsa, digər qanunlara da bu qanundan irəli gələn əlavə və düzəlişlər edilməlidir. Amma bu normativ hüquqi aktlar məsələsi açıq qalır. Hesab edirəm ki, gələcəkdə bu, bir çox dövlət və qeyri-dövlət qurumlarının normativ hüquqi aktları ilə bağlı ciddi problemlər yarada bilər.
Burada narahatçılıq doğuran bir məsələ də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlıdır. Mənə elə gəlir ki, bu məsələ qanun layihəsinin 5.9-cu maddəsində özünün çox yaxşı əksini tapıb. 5.9-cu maddədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ehtiva olunub. Ona görə də bu məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur.
5.7-ci maddədə deyilir ki, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qaydanı təkcə məişət zorakılığı ilə bağlı şikayətlərə aid etmək doğru deyil. Məsələn, Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki münasibətlər Daxil xidmət nizamnaməsi və İntizam nizamnaməsi ilə tənzimlənir, seçki ilə bağlı məsələlər Seçki Məcəlləsi ilə tənzimlənir və sair və ilaxir. Mənə elə gəlir ki, bunları ayrıca olaraq qeyd etməyə dəyməz. Biz onsuz da 2-ci maddədə vətəndaşların müraciətləri haqqında qanunvericiliyin nədən ibarət olduğunu yazmışıq. Yəni bunları sadalamaqla biz gələcəkdə əlavə normaların yaradılması üçün əsas qoyuruq. Hesab edirəm ki, bunu etməyə ehtiyac yoxdur.
Digər bir məsələ. 9-cu maddədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri əks olunub. Ümumiyyətlə, mənim üçün anlaşılan deyil ki, nəyə görə burada bununla bağlı ayrıca bir maddə verilib. Korrupsiya ilə bağlı müraciətlərə baxılması üçün aidiyyəti qurumlar var. O qurumlara müraciət edilir və bu müraciətlərə də qanunun tələblərinə uyğun olaraq vaxtında baxılır. Çünki cinayət tərkibi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğuldur. O öz işinin öhdəsindən gəlir və mütəmadi olaraq da ictimaiyyətə məlumat verir. Eyni zamanda, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası bu məsələləri həyata keçirir. Onda belə bir sual yaranır ki, bəlkə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı digər hallar da var.
Burada çox düzgün göstərilib ki, məhkəmə işi ilə bağlı icraatda olan məsələlər barədə şikayətlərə baxıla bilməz. Bu cür şikayətlər yalnız məhkəmələrə və müvafiq qurumlara verilə bilər. Məsələn, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Dövlət və qeyri-dövlət qurumları hər hansı qanun pozuntuları ilə bağlı məsələlərlə ciddi şəkildə məşğul olmalı və buna dərhal reaksiya verməlidirlər. Təsadüfi deyil ki, ölkəmizdə bir çox dövlət qurumlarının qaynar xətləri var. Vətəndaşlar qaynar xəttə müraciət edir və onların müraciətlərinə dərhal da cavab verilir. Burada mən heç bir problem görmürəm.
Başqa bir məsələ. 11.3-cü maddədə deyilir ki, vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər. Mənə elə gəlir ki, bu, gələcəkdə müəyyən problemlər yarada bilər. Deyək ki, bir dövlət qurumuna bir gündə yüzlərlə belə müraciət oldu. Deməli, həmin dövlət qurumunun rəhbəri və digər vəzifəli şəxslər o vətəndaşları dərhal qəbul edib yalnız bununla məşğul olmalıdırlar. Mənə elə gəlir, bu maddədə bir qədər dəyişiklik edib yaza bilərik ki, belə müraciətlərə onların nəzarəti altında dərhal baxılmalıdır. Çünk onsuz da qaynar xətlərə müraciətlər edildikdə o məlumatlar dərhal həmin qurumların rəhbər şəxslərinə verilir və onlar bunu cidd nəzarətə götürürlər. Bununla bağlı qəbul olunmuş qərarlar da dərhal vətəndaşların diqqətinə çatdırılır.
Bütövlükdə mən deyərdim ki, qanun yaxşı hazırlanıb və onu qəbul etmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli millət vəkilləri! Millət vəkili həmkarlarım mənim toxunacağım bir sıra məsələlərə toxundular. Amma konkret üç məsələ ilə bağlı fikrimi söyləmək istərdim.
Canlı yayımlanan teleproqramlarda edilən müraciətlərlə bağlı mənim qeyd etmək istədiyim birinci məsələn Musa müəllim söylədi. Mən onu bir az genişləndirmək istəyirəm. Çünki bu çox ciddi məsələdir. Açıq şəkildə deyək, biz heç birimiz bütün günü televiziya kanalları qarşısında oturub o proqramlarda kimin kimə nə müraciət etdiyini izləmirik. Kanallar da çox, proqramlar da çox. Digər dövlət qurumlarının təmsilçiləri də o proqramlarda kimin kimə nə müraciət edəcəyini oturub izləmək imkanına malik deyillər. Ona görə də bu müraciətlərlə bağlı məsələnin hər hansı bir formaya salınması gərəkdir. Əgər bu televiziya kanalları insanların problemlərini həll etmək üçün onları öz proqramlarına dəvət ediblərsə, özləri bu müraciəti həmin qurumlara yazılı şəkildə yönəldə və ya vətəndaşa bunu izah edə bilərlər. Hər halda bunun bir mexanizminin tapılmasına ehtiyac var.
Digər bir məsələni həmkarım Fazil müəllim burada vurğuladı. Mən o məsələni bir az da genişləndirmək istəyirəm. Biz vətəndaşların müraciət etdikləri üçün təqib olunması ilə yanaşı hər hansı psixoloji, mənəvi təzyiqə məruz qalması məsələsinə də baxmalıyıq. Biz bilirik ki, belə hallar çoxdur. Mən neçə dəfə belə şeyin şahidi olmuşam. Vətəndaş gəlib ki, mənim rəhbərim deyir, niyə millət vəkilinə məktub yazmısan, müraciət etmisən. Ona görə mənə qarşı hansısa bir soyuq münasibət və sair var. Vətəndaş hansısa bir psixoloj təzyiqə məruz qalmağa başlayır. Ona görə də vətəndaşın etdiyi müraciətə görə nəinki təqib olunması, hansısa psixoloji, mənəvi təzyiqlərə məruz qalması hallarının da qarşısı alınmalıdır.
Bu, vətəndaş–məmur münasibətlərinə özünün çox müsbət töhfəsini verəcək çox önəmli bir qanun layihəsidir. Ona görə bu məsələlərdə bir az da diqqəti artırmaq lazımdır.
Elmira xanımın toxunduğu məsələ də çox ciddi məsələlərdəndir. Çünki hansı subyektdən şikayət gəlirsə, biz, təbii ki, bu məsələni elə o subyektlə həll etməliyik. Məsələn, ünvanlı sosial yardımdan şikayət gəlirsə, o problemin həlli üçün mütləq o obyektə müraciət edirik. Çünk şikayət müvafiq qurumdan olsa da, o problemin həlli də həmin qurumdadır. Ona görə bu məsələnin də aydın şəkildə həll olunması vacibdir.
Sonunda mən də o fikri dəstəkləyirəm ki, vətəndaşlar yalnız dövlət orqanlarına deyil, özəl hüquqi şəxslərə də müraciət edir, bəzən bizə, millət vəkillərinə də müraciət yazırlar. Ona görə bu məsələnin elə qanunda da öz əksini tapması yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Bahar xanım. Müzakirə etdiyimiz bu qanun layihəsi çox mühüm bir sənəddir. Burada vətəndaşların hüquqlarının qorunmasından söhbət gedir. Dövlət – vətəndaş münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün çox maraqlı və mühüm mexanizm yaradılır, yeni bir hüquqi baza formalaşır. Ona görə də hesab edirəm ki, qanunun müəllifləri həmkarlarımın qaldırdıqları məsələlərə ciddi yanaşacaq, onları nəzərə alacaqlar.
Amma yaxşı olardı ki, ictimai münasibətlərdə xüsusi rola malik olacaq bu qanunun ikinci oxunuşu ərəfəsində biz onu ictimai müzakirədən keçirək. Bununla bağlı bizim təcrübəmiz var. “İctimai iştirakçılıq haqqında” Qanunun tələbləri də bu təklifin doğruluğunu sübut edir. Yəni bunun üçün hüquqi əsas da var. Yaxşı olardı ki, burada səslənən təkliflər də nəzərə alınmaqla biz vətəndaş cəmiyyət institutlarının təmsilçiləri ilə, ayrı-ayrı mütəxəssis və ekspertlərlə bunu müzakirə edək.
Qanunun ruhundan anlaşılan odur ki, bu qanunu qəbul etməkdə dövlətin məqsədi vətəndaşların üzləşdikləri çətinlik və problemlər vaxtında müəyyənləşdirmək, dövlət orqanlarının onlarla bağlı qərar qəbul etməsini asanlaşdırmaqdır. Ona görə də bu layihə ictimai ekspertizadan çıxdıqdan sonra, təbii ki, daha da təkmil olacaq, burada qaldırılan bir çox suallara aydınlıq gətiriləcək. Hesab edirəm ki, bu sənəd gələcəkdə işlək bir qanun olması baxımından da ictimaiyyətdən əlavə bir dəstək alacaqdır. Mən xahiş edirəm, Bahar xanım, bu təklifi biz yaxın zamanlarda həyata keçirək. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Azay müəllim. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Bahar xanım. Qanuna səs verəcəyik və deyilən təkliflər də yəqin, üçüncü oxunuşda nəzərə alınacaq. Bir məsələyə aydınlıq gətirmək, arayış vermək istəyirdim. Ona görə söz aldım.
Musa müəllim və Qənirə xanım televiziya proqramları ilə bağlı ciddi məsələyə toxundular. Həmin televiziya proqramlarına bekar olanda mən də baxıram. Orada yüksək ixtisaslı vəkillər də iştirak edir, öz təkliflərini deyirlər. İnsanlar savadsızlıq nəticəsində adi boşanma halları və ya mülki məsələlərlə bağlı problemlərini həll etmək üçün məhkəmələrə, hüquq mühafizə orqanlarına müraciət etmir, birbaşa televiziyaya üz tuturlar. Təbii ki, bu məsələləri efirə çıxaran televiziya proqramları da şou xarakteri daşıyır, orada hətta ürəkləri gedənlər də olur. Dalbadal neçə adamın ürəyi gedib, mən də baxıb dilxor olmuşam ki, yazıqların ürəkləri gedib.
Söhbət ondan gedir ki, heç bir ağıllı mətbuat orqanı, qəzet gələn müraciətlər olduğu kim çap eləmir, onları lazım olan təşkilata ünvanlayır. Televiziyalar da bilirlər ki, heç bir nazir və ya iş adamı bekar deyil, oturub bütün günü televiziyaya baxmır, görsün, orada filankəsin ürəyi getdi, kömək eləsin. Yəni televiziyalar da belə müraciətləri lazımi təşkilatlara göndərirlər. Bunu mən arayış kimi dedim.
Bəzi insanlar hətta bir-biri ilə dalaşanda gedib Elgizdən kömək istəyirlər. Ay balam, polis var, sahə müvəkkili var, sair hüquq mühafizə orqanları var. Bunlara müraciət etməkdənsə, televiziyalara üz tuturlar. Bu bir az savadsızlıqdan irəli gəlir. Ona görə mən istərdim ki, bizim dövlət televiziyalarımız, İctimai televiziyamız bununla bağlı verilişlər hazırlasın. Burada hüquqşünas deputatlarımız var, çox gözəl mütəxəssislərimiz, vəkillərimiz var, dəvət etsinlər. Bu insanlara başa salınsın ki, televiziyadan nicat tapmayacaqlar, nicatı qanun işçiləri verir, məhkəmə, hüquq mühafizə orqanları verir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Aqil müəllim. Mən burada deyilənlərdən bir çoxunun, həqiqətən, bizim hamımızı narahat etdiyini düşünürəm. Əli müəllim, Siz yəqin, onları qeydə aldınız və qanun yaradıcılığı prosesində nəzərə alacaqsınız. İctimai müzakirələrlə bağlı təklif mən məqbul hesab edirəm. Düşünürəm ki, bu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Milli Məclis arasında imzalanmış Memorandumun ruhuna da uyğundur. Biz ictimaiyyəti, geniş əhali kütləsini narahat edən məsələlər haqqında qanun layihələri hazırlanarkən ictimai müzakirələr və dinləmələr keçirmək öhdəliyi götürmüşük. Ona görə də düşünürəm ki, üçüncü oxunuşa qədər bunu etmək bir çox məsələlərin ümumiləşməsinə və xırdalıqların, incəliklərin nəzərə alınmasına şərait yaradar. Bu mümkündür. Mənim fikrimcə, biz yaxın vaxtlarda bunu edə bilərik. Əli müəllim, suallara cavabınız maraqlı olardı. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Bahar xanım. Hörmətli həmkarlar, mən ancaq ona görə çıxışa yazıldım ki, bu qanunun adı və əhatə dairəs barədə iki vacib məsələ ilə bağlı mübahisəmizə mümkünsə, indi son qoyaq. Digər təklifləri isə, təbii ki, burada aparıcı olan İnsan hüquqları komitəsi ilə birlikdə müzakirə edəcəyik. Amma dediyim iki məsələyə dair istəyirəm, indi bizim, həm də qanunvericilik təşəbbüsü subyektinin mövqeyini səsləndirim ki, üçüncü oxunuşa bir də mübahisə qalmasın.
Burada bir sıra millət vəkilləri bu iki prinsipial məsələ ilə bağlı fikirlərini söylədilər. Mən ilk növbədə onu demək istərdim ki, Konstitusiyanın 57-ci maddəsində əks olunmuş müraciət etmək hüququ Azərbaycan Respublikasının vətəndaşları ilə bağlı olan hüquqdur. Biz gərək bunu nəzərə alaq. Baxmayaraq ki, biz Konstitusiyanın 26-cı maddəsindəki hər kəs anlayışına istinad etmək istəyirik. Orada deyilir ki, dövlət hər kəsin, yəni əcnəbilərin və digərlərinin də hüquqlarını qoruyur. Amma müraciət etmək hüququnda məhz Azərbaycan Respublikasının vətəndaşı anlayışından istifadə olunur. Ona görə ki, vətəndaş müraciət etməklə Azərbaycanda dövlət idarəetməsinin bir iştirakçısına çevrilir. Bu baxımdan bu qanun Azərbaycan Respublikasının vətəndaşları üçündür.
Eyni zamanda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu qanundan istifadə edə bilərlər. Qanunun 5.9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu qanunun müddəaları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də müraciətlərinə şamil olunur.
Burada dillə də bağlı bir fikir ayrılığı yarandı. Onu biz nəzərə ala bilməyəcəyik. Dövlət dili Azərbaycan dilidir və bu dildə müraciət olunmalıdır. Səhv etmirəmsə, Musa müəllim bu fikri dəstəklədi.
İkincisi, vətəndaş anlayışı ilə bağlı ilk baxışdan məntiqi görünən iradlar barədə. Doğrudur, biz burada vətəndaş deyəndə canlı insanı, fiziki şəxsi duyuruq. Amma görürük ki, qanunun tətbiqində həm də hüquqi şəxsdən söhbət gedir. Mən istərdim, hörmətli millət vəkilləri, xüsusilə hüquqşünas həmkarlarım nəzərə alsınlar ki, burada vətəndaş anlayışını biz geniş qəbul etməli, yəni onu fizik şəxs məfhumu ilə eyniləşdirməməli, hüquqi şəxs məfhumunu da onun daxilində görməliyik.
Bir misal çəkim. Məsələn, insan hüquqları anlayışı. Biz insan hüquqları deyəndə orada hüquqi şəxslərin də hüquqlarını nəzərdə tuturuq. Misal üçün, kiminsə birləşmək azadlığı hüququ pozulub, hansısa bir qeyri-hökumət təşkilatı qeydiyyata alınmayıb, deməli, onun da insan hüquqları pozulub. Bu mənada insan hüquqları deyəndə biz yalnız insanın, fərdin hüquqlarını başa düşmürük, bunu geniş mənada anlayırıq. Ona görə çox xahiş edirəm ki, bu qanunun adı ilə bağlı mübahisələr olmasın.
Bu qanun Konstitusiyanın 57-ci maddəsinə istinad edilərək “Vətəndaşların müraciətləri haqqında” adlandırılıb. Amma burada hüquqi şəxslər də nəzərdə tutulub. Əks təqdirdə biz gərək geniş bir müzakirə açaq, dilçiləri dəvət edək, görək bu, müraciət etmək hüququ haqqında və ya daha nə haqqında bir qanun olsun. Amma mənə belə gəlir ki, qanunvericilik təşəbbüsü subyekti burada düzgün edib. Çünki qanunun əsas yükü vətəndaşın üzərinə düşür. İstənilən halda hüquqi şəxs də müraciət edəndə hansısa bir vətəndaşın şəxsində müraciət edir.
Mən, sadəcə, bunları çatdırmaq istəyirdim. Əgər həmkarlarımız bu mövqe ilə razılaşarlarsa, üçüncü oxunuşda bu iki prinsipial məsələ istisna olmaqla digər təklifləri müzakirə edib sizin diqqətinizə çatdırarıq. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Əli müəllim. Mən Sizin fikirlərinizi belə anladım ki, istər “vətəndaş”, istərsə də “insan hüquqları” sözlərinin mahiyyətinə diqqət yetirildikdə... Üçüncü bir misal da mən gətirə bilərəm. Məsələn, Azərbaycanın milli futbol komandası, Azərbaycanın milli maraqları. Bu ifadələrdə “milli” sözü millət mənasında işlənmir, tamamilə başqa mənada işlənir. O baxımdan bu sözün də təkcə leksik deyil, həm də hüquqi və siyasi mənaları var. Biz bunu anladıq və bu izahata görə təşəkkür edirik. Başqa bir fikir varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İlyas müəllim, buyurun.
İ.İsmayılov. Əli müəllimin dedikləri ilə əlaqədar çıxış etmək istəyirəm. Əvvəla, insan hüquqları fərdi hüquqdur, kollektiv hüquq yoxdur. Burada gətirilən misal da yersizdir. Vətəndaş deyiləndə ancaq fiziki şəxs nəzərdə tutulur. Bunu zorla keçirməyin mənası yoxdur. Bilin ki, insan hüquqları deyəndə fərdin hüququ nəzərdə tutulur, hər hansı bir hüquq şəxsin hüququ nəzərdə tutulmur. Özü də insan hüquqları fərdi öz hakimiyyətinin zülmündən qoruyan normalar sistemidir. Paralel gətirmək yersizdir, Əli müəllim, üzr istəyirəm Sizdən.
Sədrlik edən. Sağ olun, İlyas müəllim. Mən hesab edirəm ki, hüquqi terminlərin məzmunu ilə bağlı müzakirələri başqa bir vaxta da saxlamaq olar. Hər halda biz anladıq ki, qanun nəyi nəzərdə tutur və onun əhatə dairəsi nədir.
Qanun layihəsi 17 maddədən ibarətdir. İkinci oxunuş olduğu üçün biz bunu qruplaşdırıb səsverməyə qoymalıyıq. Mən təklif edirəm ki, əvvəlcə 1–5-ci maddələri səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul olundu. İndi 6–11-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul olundu. 12–17-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul olundu. İndi qanun layihəsini bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Qəbul olundu, sağ olun.
Növbəti məsələyə keçirik. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). Təqdim etmək üçün söz Ziyad müəllim Səmədzadənindir. Buyurun.
V.Ələsgərov. Bahar xanım, icazənizlə, mən bir təklif verim. Olarmı, tənəffüssüz işləyək?
Sədrlik edən. Etiraz etmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tənəffüssüz işləyirik. Buyurun.
Z.Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi İqtisadi siyasət komitəsində müzakirə olunub. Müzakirə prosesində millət vəkilləri hörmətli Əli müəllim, Vahid müəllim, Xanhüseyn müəllim, Rüfət müəllim, İlham müəllim tərəfindən deyilən fikirlər nəzərə alınmış və layihə ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.
Ümumiyyətlə, – mən ötən dəfə də qeyd etdim, – Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı sahəsində son illərdə mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqrama müvafiq olaraq qiymətli kağızlar bazarında xeyli müsbət dəyişikliklər baş vermişdir ki, onlar da bütövlükdə Azərbaycan dövlətinin dinamik inkişafına öz müsbət təsirini göstərir. Ən maraqlı və müsbət cəhətlərdən biri ondan ibarətdir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Maliyyə Nazirliyi, Mərkəzi Bank və digər iqtisadi strukturlar arasında əlaqələr genişlənmiş, təkmilləşmiş və bir növ azad bazar münasibətlərinə, eyni zamanda, milli maraqlara cavab verən əməkdaşlıq münasibətləri formalaşmışdır.
Təqdim edilən qanun layihəsi, şübhəsiz ki, Azərbaycanda gələcəkdə qiymətli kağızlar bazarının inkişafına xidmət edəcək. Burada təklif olunan dəyişikliklər qiymətli kağızlar bazarı sisteminin müasir baxımdan qiymətləndirilməsinə imkan verəcək, eyni zamanda, Azərbaycanın milli iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldığı üçün əvvəlcə onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Qəbul olundu. Çıxış etmək istəyən yoxdurmu? Onda xahiş edirəm, I–V fəsillər səsə qoyaq.
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
Qəbul olundu. VI–XII fəsilləri səsə qoyaq.
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul olundu. Qanun layihəsini bütövlükdə səsə qoyuruq.
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul olundu.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üçüncü oxunuşda qəbul olunmasını təklif edirlər. Etiraz etmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul olundu.
Növbəti məsələyə keçirik. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Bahar xanım. Hörmətli həmkarlar! Baxmayaraq ki, Mülki Məcəlləyə edilən dəyişikliklər çox genişdir, qanunvericilik texnikası baxımından biz indi “Qiymətli kağızlar bazarı haqqında” Qanuna səs verdiyimizə görə buna da avtomatik səs verməliyik. Çünki buradakı bütün müddəalar artıq qəbul etdiyimiz “Qiymətli kağızlar bazarı haqqında” Qanunun Mülki Məcəlləyə aid hissəsidir, yəni faktiki olaraq buradakı bütün anlayışlar artıq qəbul etdiyimiz, səs verdiyimiz anlayışlardır, amma onlar həm də Mülki Məcəllədə öz əksini tapmalıdır. Ona görə həmkarlarımdan bu layihəyə birbaşa səs verməyi xahiş edirəm.
Sədrlik edən. Məsələ barədə başqa fikri olan yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul olundu, sağ olun.
Bununla da bugünkü iclasın gündəliyində nəzərdə tutulan məsələlər başa çatdı. Təşəkkür edirik. Sağ olun