29.05.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 111
Milli Məclisin iclas salonu.
29 may 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 101
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Nuşirəvan Məhərrəmov, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının üzvlüyünə namizədlər:
Vüqar Zeynalov
İsmayıl Ələkbərov
Mirhəsən Seyidov
Turqay Həsənəliyev
Sevil Yusifova
Ülkər Abdullayeva
* * *
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurban, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
Cəmaləddin Quliyev, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Aydın Süleymanov, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.
2. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Nizami Cəfərov, Fazil Mustafa, Fuad Muradov, Sabir Rüstəmxanlı
Təklif: Vüqar Eldar oğlu Zeynalov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Təklif: Mirhəsən Mirheydər oğlu Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Təklif: Sevil Şərif qızı Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin
Səsvermənin nəticələr (saat 12.28 dəq.)
Lehinə 102
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Vüqar Gülməmmədov, Ziyafət Əsgərov, Samir Şərifov, Vahid Əhmədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Azay Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, Məlahət İbrahimqızı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
3. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Sevinc Fətəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
6. “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Etibar Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
8. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
9. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, İlyas İsmayılov, Gövhər Baxşəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.20 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Tahir Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
14. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Siyavuş Novruzov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
15. Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rüstəm Xəlilov, Musa Quliyev, Aqil Abbas, Gövhər Baxşəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.41 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
16. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rüstəm Xəlilov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.44 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Azay Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.48 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
18. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Fuad Muradov, Aqil Abbas
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.53 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
29 may 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 101
Yetərsay 83
Yetərsay var, iclasımıza başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş vermiş, 15 nəfər həlak olmuş, onlarca insan yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hadisəyə dərhal münasibət bildirmiş, xüsusi dövlət komissiyası yaratmışdır. Hazırda komissiya gərgin şəkildə işləyir, hadisənin səbəblərini araşdırır, təqsirli şəxsləri müəyyənləşdirir. Həlak olanların ailələrinə, yaralılara yardımlar, müavinətlər verilir. Yanmış evin bərpası ilə məşğul olurlar.
Əminəm ki, dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qaldırılacaq və belə hadisələr bir daha baş verməyəcəkdir.
Hörmətli millət vəkilləri, təklif edirəm, yanğın zamanı həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Bildiyiniz kimi, bu gün yaz sessiyasının son iclasıdır. Gündəlikdə 18 məsələ var. Gündəliyi təsdiq eləmişik, xahiş edərdim ki, iclasa müzakirəsiz başlayaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyin 1-ci məsələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi barədədir. Buyursun Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni seçiləcək tərkibi sizə təqdim olunubdur. Komitədə bu məsələ müzakirə olundu və çox dəqiq, aydın, konkret mülahizələr bildirildi.
Sadəcə olaraq, hörmətli cənab Sədrin bir təklifini istəyirəm, yeni seçilən heyət bilsin. İctimai televiziyanın, həm də radionun artıq kifayət qədər təcrübəsi var. Amma bununla yanaşı, bir az yüngül verilişlərə çox yer ayrılır. Çox xahiş edərdik ki, yeni seçilən heyət bu məsələlərlə məşğul olsun və bu gün ölkəmizdə gedən ciddi proseslər orada daha çox əks olunsun. Beynəlxalq aləmdə gedən proseslər daha dərindən, daha analitik təhlil olunsun. Bir də biz belə qərara gəldik ki, əgər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi Milli Məclisdə təsdiq olunursa, vaxtaşırı olaraq proqram siyasəti barəsində hesabat versinlər. Yəni təbii ki, Milli Məclisin üzvləri də İctimai televiziyaya baxırlar. Bu, qarşılıqlı bir etimad olsun. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, öz seçimlərini eləsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyahı millət vəkillərinə paylanıb, səsvermə keçirəcəyik. Bu məsələ ilə əlaqədar çıxış etmək istəyənlər var. Fazil Mustafa, buyurun.
F.Mustafa. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də o fikrə dəstək verirəm ki, bu hesabat məsələsi gündəmə gətirilməlidir. Çünki İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçiləndən sonra İctimai televiziyanın icra strukturunu həyata keçirən insanlardan başqa digərlərinin fəallığı sanki yoxdur. Elə bil, onlar formal olaraq seçilirlər. Onların cəmiyyət qarşısında hər hansı bir açıqlamalarını, fikirlərini, yayım siyasəti ilə bağlı mövqelərini, açığı, eşitmədim və yaxud da yazılarını oxumadım.
Yəni bu o deməkdir ki, biz formal bir qurum yaratmırıq. İctimai televiziyanın fəaliyyətini qanunvericilikdə bir az da gücləndirmək lazımdır. Nəyə görə, arqumentim nədir? Xatırlayırsınızsa, 27 mayda Prezident cənab İlham Əliyev Respublika günü ilə bağlı tədbirdə çox dəyərli bir çıxış elədi və xüsusi olaraq vurğuladı ki, ölkədə ictimai nəzarət mexanizmi gücləndirilməlidir. Prezident, yaxud ölkə rəhbərində təmsil olunan şəxslər ölkədə olan problemlərlə bağlı hərtərəfli məlumat alma imkanına tam sahib olmaya bilərlər. Vətəndaşların bu prosesə qatılması lazımdır. Bina yanğını da onu göstərdi ki, vaxtında vətəndaşların müəyyən etirazları eşidilsə idi, kimlərinsə pul qazanması xatirinə binaların bu cür yanğına davamsız materiallarla örtülməsi mümkün olmazdı.
Ona görə də, Oqtay müəllim, təklif edərdim ki, gələn sessiyada, heç olmasa, hazırlıq işləri getsin. İctimai nəzarətə mane olan fəaliyyətlərin əngəllənməsi üçün ciddi normativ aktlar qəbul eləyək və vətəndaşların bu sadə təşəbbüslərini artırmağa çalışaq. Hətta lazım olsa, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı ayrıca bir qanun da qəbul eləmək olar. Bu, gələcəkdə Azərbaycanda baş verən hadisələrin, problemlərin, nöqsanların üzə çıxarılması işində ölkə rəhbərliyi üçün faydalı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bu məsələyə görə 6 nəfər yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sizə siyahı verilib, öz fikrinizi bildirəcəksiniz. Biz burada başqa müzakirə aparmırıq ki. Kim təkid eləyir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fuad Muradov.
F.Muradov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Sadəcə, təşəkkürümü bildirmək istəyirəm. Mən 10 ilə yaxındır həmin şuranın üzvüyəm. İctimai televiziya yaranan gündən Azərbaycan ictimaiyyəti ona çox böyük dəstək verdi. Mənim sahəm gənclərlə bağlı olduğuna görə bu barədə bir neçə kəlmə demək istərdim. Əslində, həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər elədik və bu gün televiziya məkanında digərlərindən fərqlənən bir kanal var. Təbii ki, çatışmazlıqlar vardır.
Yayım şurasının üzvü olaraq bildirmək istəyirəm ki, biz hər il hesabat dərc eləyirik. O hesabatda televiziyada gedən neqativ və pozitiv proseslər öz əksini tapır. Azərbaycan məkanında cəmi 2 televiziya birbaşa dövlət büdcəsindən maliyyələşir. Ona görə, təbii olaraq, tələb başqadır. Bütün bunları nəzərə alaraq bildirmək istəyirəm ki, bu gün televiziyada gedən proseslər bəzən bizi narahat edir. Amma bu istiqamətdə islahatlar təkcə bir və ya bir neçə televiziyada başlaya bilməz. Burada ümumi nəzarət mexanizmi gücləndirilməli və ictimaiyyət tərəfindən məsələyə müəyyən münasibət bildirilməlidir.
İctimai televiziya yeganə qurumdur ki, orada ictimaiyyətin nümayəndələri var. Bu gün onların bəziləri buradadır. Biz bu gün onları dəstəkləyəcəyik. Eyni zamanda, həmin ictimai nəzarət qurumunun adını yayım şurasına qoymaq olar. Əvvəldən müəyyən öhdəliklər də qoyulmuşdu, indi biz onu nə dərəcədə həyata keçirmişik, bunu artıq tarix göstərəcək.
Mən fürsətdən istifadə eləyərək İctimai televiziyanın kollektivinə, eyni zamanda, burada iştirak edən Nuşirəvan müəllimə təşəkkürümü bildirmək istəyirəm. Mən bildirmək istəyirəm ki, İctimai televiziyanın modelindən digər televiziyalarda istifadə oluna bilər. Əslində, ictimaiyyəti narahat edən məsələlər bu gün televiziyada öz əksini tapır. Ona görə də burada nəzarət mexanizmini fikirləşmək olar. Amma yayım şurası təkcə nəzarət mexanizmi kimi yaranmamışdı. Əslində, müəyyən istiqamətdə ictimaiyyətin fikirləri orada səsləndirilir.
Mən yeni tərkibə uğurlar arzu eləyirəm. İctimai televiziya ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bir model kimi bir çox ölkələrdə də qəbul olunmuşdur. Eyni zamanda, Avropa Şurasının da burada müəyyən məqsədləri var idi. İnanıram ki, İctimai televiziyanın inkişafı ilə bağlı hər birimiz öz müsbət fikirlərimizi deyəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təkid eləyən var idi. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hər şeyi belə çox üzdən keçir, gedirik. Bəlkə kiminsə sözü var? Danışmağa kim təkid eləyirsə, xahiş edirəm, ona şərait yaradın. Əvvəla, Oqtay müəllim, ölkənin həyatında hamını narahat, pərt eləyən, hamını içindən sındıran çox ciddi bir hadisə baş verir. Millətin gözünün qabağında bu boyda vəsait xərclənir. Kim isə orada qazanır, varlanır və sonra da camaatı odun içinə atır. Niyə Milli Məclisdə bu, müzakirə olunmasın? Sabah deyəcəklər ki, deputatlar o işin iştirakçılarıdır, ona görə də heç nə danışmırlar. Mən hesab edirəm, o məsələ barəsində kimin sözü varsa, deməli idi.
İkinci, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə bağlı bizə sənəd veriblər. Bu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin protokolundan çıxarışdır. Bunun dalınca bura 3-4 adamın adını yazıblar. Düzdür, burada iki nəfərin namizədliyi verilib, amma eyni zamanda, bir neçə adam haqqında da məlumat verilib. Bizə bu konfederasiyanın çıxarışı lazımdırmı? Milli Məclisə bir rəsmi məktub göndərilsin ki, biz filankəsi təqdim eləyirik. Məsələn, burada yazılıb ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmova Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti adından rəsmi məktub hazırlansın, müraciət məktubunda Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə bağlı məlumat verilsin. Verilsin də. Bunun Milli Məclisə nə dəxli var? Bizə rəsmi və qısa şəkildə yazı gəlməlidir ki, filankəsi təqdim eləyirik. Biz də ona baxarıq.
Vüqar Zeynalov haqqında burada məlumat var. Layiqli adamdır, mən onun barəsində heç bir şey deyə bilmərəm. Amma baxıram ki, onun televiziyaya, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Halbuki bu siyahıda televiziya sahəsinə aid olanlar, kitab müəllifləri var, yazı adamları var. Televiziyadan çox uzaq bir adamı təqdim ediblər. Mən bilmirəm, İctimai televiziyanın ətrafına bu cür kadrları yığmaqla biz nəyə nail oluruq? Yenə deyirəm, tanımıram. Ola bilər, insana haqsızlıq eləmiş olaram, bəlkə o sahədə xüsusi bir istedadı var. Amma baxıram ki, onun televiziyaya heç bir aidiyyəti yoxdur axı. Ona görə də televiziyalarımızın indiki vəziyyəti narazılıq doğurur.
Burada yaxşı deyildi, ictimai rəy nəzərə alınmalıdır. O gün Prezidentin çıxışının ən mühüm məqamı o idi ki, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarətin bir mexanizmi də televiziyalardır. İnsafən deməliyik ki, televiziyalarda dəfələrlə müəyyən məsələlərlə bağlı tənqidi qeydlər səslənib. Hansı nəzərə alınır? İctimai rəy var və ona əməl eləyən lazımdır.
Son olaraq onu da deyim ki, dünən qeyd olunan Azərbaycanın müstəqilliyi günü – Respublika günü həyatımızda böyük bir tarixi hadisədir. Onun hesabına bu Milli Məclis var və biz burada oturmuşuq. Neçə müddətdir, mətbuatda, televiziyalarda deyilir və burada mən də, Fazil bəy də demişik. Bu respublikanı quranlardan biri olan Məmməd Əmin Rəsulzadənin Gəncə şəhərində bir büstü var, başına çuval keçiriblər. 4 ildir, o çuval onun başındadır. Burada dəfələrlə səslənib. Niyə rayon və şəhər icra hakimiyyətləri Milli Məclisin qarşısında zərrə qədər məsuliyyət hiss eləmirlər?
Yaxşı, bu Rəsulzadə düşməndirsə, biz onu düşmən elan eləyək. Respublika var, onun müstəqilliyi var, onun qurucularından biri bu kişidir. Gəncədə o məclis qurulub, ona görə o şəhərdə bunun əzəmətli bir heykəli olmalıdır. Yaxşı, o yoxdur, büstü var. Bunun başına da çuval keçirmək düşmənçilikdir. Bu, Amerikanın İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır və haradasa dolayı yolla millətimizə həqarətdir. Bu bizim tariximizə, şəxsiyyətimizə, burada oturan kişilərin hər birinə hörmətsizlikdir.
Gəncə İcra Hakimiyyəti əgər Rəsulzadəni düşmən elan eləyibsə, desin. Eləməyibsə, zəhmət çəksin, o tarixi şəxsiyyətin başından o çuvalı çıxarsın. Ayıbdır. Bu, millətimizin tarixinin və müstəqilliyimizin başına çuval keçirməkdir. Nə qədər belə özbaşınalıq olacaq? Bu, özbaşınalığın nəticəsidir. Biri şirkət düzəldir, qeyri-qanuni şeylər gətirir, evləri bəzəyir, pul qazanır, sonra da millət onun içində yanır. Xırda adamları tuturlar. Nə bilim, mənzil idarəsinin rəsini, keçmiş icra başçısının müavinini həbs edirlər. Cavabdehlər kənarda qalır. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, Sizdə artıq bir qayda halını alıb, Milli Məclisin iclası başlayanda hökmən bir fikir bildirməlisiniz. Mən müzakirələrə ehtiyac varmı deyəndə Siz təkid elədinizmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox. İndi əl qaldırdınız, Sizə söz verdim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Düz deyirəmsə, onda Siz də düz deyin də. Nə qədər olar? Mən axı Sizə hörmət eləyirəm, ziyalısınız. Hər dəfə Milli Məclisin iclasına Siz gərək bir qulp qoyasınız? Niyə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən deyirəm, hər dəfə belədir, qaldıraram stenoqramı, görərsiniz. Sabir müəllim, mən Sizinlə mədəniyyətlə danışıram. Yalanı Siz danışırsınız. Xahiş edirəm, danışığınıza fikir verin. Hörmətlə fikrimizi bildirdik, dedik, danışdıq. Bəzi mətbuat nümayəndələri kimi hər şeyi şişirtmək nəyə lazımdır? Hamı bir-birini yaxşı tanıyır.
Sizə namizədlərin siyahısı verilib. Mən bir-bir o təşkilatların adını deyəcəyəm, münasibətinizi bildirərsiniz. 3 təşkilatdan nümayəndə verilib. Sahibkarlar Şurası tərəfindən iki nəfərin, Vüqar Eldar oğlu Zeynalov və İsmayıl Xəlil oğlu Ələkbərovun namizədliyi irəli sürülüb. Xahiş edirəm, Vüqar Eldar oğlu Zeynalovun namizədliyinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Sahibkarlıq Şurasının ikinci nümayəndəsini səsə qoymağa ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, gənclər təşkilatları tərəfindən irəli sürülən Mirhəsən Mirheydər oğlu Seyidovun namizədliyinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İkinci namizədi səsə qoymağa ehtiyac yoxdur. Qadın cəmiyyətləri tərəfindən Sevil Şərif qızı Yusifova və Ülkər İsmayıl qızı Abdullayevanın namizədlikləri irəli sürülüb. Xahiş edirəm, Sevil Şərif qızı Yusifovanın namizədliyinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.28 dəq.)
Lehinə 102
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Artıq ikinci namizədi səsə qoymağa ehtiyac yoxdur. Beləliklə, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi yeniləndi. Təbrik edirəm.
Gündəliyin ikinci məsələsinə keçirik. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev, buyurun.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri və hökumət üzvləri! Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli – Azərbaycan modeli yaranmışdır. Bu gün tam cəsarətlə demək olar ki, Azərbaycan qloballaşan dünyada dinamik və sabit inkişaf edən dövlətlər sırasındadır.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və iqtisadi kurs möhtərəm cənab Prezident İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilir. Bu siyasət Azərbaycan Respublikasının regionda iqtisadi cəhətdən lider dövlətə çevrilməsi, dünya təsərrüfat sisteminə inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun sürətlə azaldılması və infrastrukturun yenidən qurulması istiqamətində dövlət proqramlarını ardıcıl yerinə yetirmək üçün möhkəm təməl yaratmışdır.
Bildiyiniz kimi, dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsinin əsas mexanizmi maliyyə sistemi və onun tərkib hissəsi olan büdcədir. Qeyd etmək lazımdır ki, dövlət büdcəsi Prezident İlham Əliyevin daim diqqətində olan bütün dövlət vəzifələrinin uğurla həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkənin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafın stimullaşdırılmasına maliyyə təminatı yaradır.
Bununla yanaşı, sosial öhdəliklərin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm tələbatlarının, dövlət orqanlarının əsas ehtiyaclarının, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkə daxilində və xaricində icrasına başlanmış və prioritet hesab edilən investisiya layihələrinin, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklərin xərclər üzrə təmin edilməsi dövlət büdcəsinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə xüsusən ölkəmizdə böyük idman bayramı kimi keçirilməsi planlaşdırılan I Avropa Oyunlarını qeyd etmək istərdim. Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır.
Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, biz cəmi 24 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sahəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və bununla bağlı hazırlanmış illik hesabat Milli Məclisə təqdim olunmuşdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq hesabat özündə gəlirlərin mədaxil mənbələri və təsnifatın paraqrafları səviyyəsində xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcları, vahid xəzinə hesabının qalığı barədə məlumatları özündə əks etdirir. Layihəyə icra ilə əlaqədar digər informasiya materialları, Hesablama Palatasının rəyi əlavə olunmuşdur.
Təqdim olunmuş sənədlərin təhlili tam əminliklə qeyd etməyə əsas verir ki, dövlət və icmal büdcələrin şəffaflığının, səmərəliyinin və ünvanlığının təmin edilməsi istiqamətində işlər 2014-cü ildə də davam etdirilmiş, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında icrasına nail olunmuşdur. Dövlət başçısının müəyyən etdiyi hədəflər – inkişaf strategiyası uğurla yerinə yetirilmişdir.
Heç şübhəsiz ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq növbəti və sonrakı illərin dövlət büdcələrində iqtisadiyyatın prioritet sahələrin modernləşdirilməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetiriləcək.
Qeyd etmək istərdim ki, büdcənin icrası ilə bağlı məsələnin komitəmizdə geniş müzakirəsi zamanı yaranmış sualları Maliyyə Nazirliyi ətraflı cavablandırmış və sənəd yekdilliklə plenar iclasa tövsiyə edilmişdir. Büdcənin icrası ilə bağlı maliyyə nazirinin və Hesablama Palatası sədrinin çıxışları olacaq, ona görə də mən rəqəmlərlə bağlı olan hissələrə toxunmadım.
Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilmişdir. Keçən il dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar. Baxmayaraq ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi aşağı salınmışdı. Bu nailiyyətlərin dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılması onların əhəmiyyətini daha da artırır.
2014-cü il dünya iqtisadiyyatı üçün ötən illərdə başlanmış və yeni yaranmış siyasi-iqtisadi problemlərin nəticələri ilə mübarizə ili kimi xarakterizə oluna bilər. Dünya iqtisadiyyatının inkişaf meylləri sürətlə qloballaşan maliyyə münasibətlərinin təsiri altına düşür. 2008-ci ildən özünü göstərməyə başlayan dünya maliyyə böhranı artıq, – bunu mən xüsusilə də qeyd etmək istərdim, – permanent formaya keçir. Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda bunun tam əksi olan proseslər müşahidə olunur. Sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi möhtərəm Prezident İlham Əliyevin ölkədə apardığı düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
Hörmətli millət vəkilləri, Azərbaycan dövləti düşünülmüş, strateji, milli maraqları nəzərə alan siyasət yeridir. Məhz bu siyasətin məntiqi nəticəsi kimi Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının qabaqcıl, beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasıdır.
Son illərin təcrübəsi müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da bütün imkanlarımızı və gücümüzü səfərbər edərək çalışacağıq ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və iqtisadi kurs möhtərəm cənab İlham Əliyevin başçılığı ilə davam etdirilsin. Bu işdə ölkə başçısına uğurlar arzu edirik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və qonaqlar! Hesablama Palatasının rəyi 2014-cü il dövlət büdcəsinin icrası üzrə Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin aylıq və illik hesabatlarından, büdcə təşkilatlarının Hesablama Palatasına daxil olan illik maliyyə və digər hesabatları əsasında aparılmış təhlillərin nəticələrindən, eləcə də Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatlarından, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilərək hazırlanmışdır. Hesabat ili dünya ölkələrinin artıq bir neçə ildir davam edən sistemli qlobal böhranın digər makroiqtisadi problemlərinin fəsadları ilə mübarizə aparıldığı bir il kimi tarixə düşmüşdür. İl ərzində müşahidə olunan iqtisadi tərəddüdlər dünya ölkələrini səylərini səfərbər etməyə məcbur etmiş və bununla bağlı uğurlu və uğursuz addımlar atılmışdır.
Hesabat ilində Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən hərtərəfli düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin uğurlu və əmin addımlar atdığını ifadə edir.
2014-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının tərtib etdiyi rəy müvafiq qaydada hörmətli millət vəkillərinə və hökumət üzvlərinə təqdim edilmişdir. Qeyd edim ki, bu rəy dövlət büdcəsinin gəlir və xərcləri, büdcə kəsiri və dövlət borcu ilə bağlı ətraflı təhlilləri və təklifləri əhatə edir. Son bölmədə isə Hesablama Palatasının gəldiyi qənaətlər ümumi şəkildə əks etdirilmişdir.
Dövlət büdcəsinin hansı makroiqtisadi şəraitdə icra olunduğunu nəzərə alaraq mən yalnız onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin sosial-iqtisadi siyasətinin reallaşmasına xidmət edən mühüm və strateji sənəddir və bu sənəddə əks olunan məlumatların təhlili ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin çərçivələrini göstərməklə əldə olunan və gözlənilən nəticələri müəyyən etmək imkanı verir.
Dövlət büdcəsinin əsas parametrlərinə gəldikdə isə ilk olaraq qeyd etməliyəm ki, 2014-cü ilin dövlət büdcəsinin gəlirləri 100,1 faiz və ya 16,6 milyon manat çox icra olunub. Büdcə gəlirlərinin ümumi daxili məhsulda nisbəti 31,2 faiz təşkil edib. Tam və artıqlaması ilə yığılan gəlirlər fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin əmlak vergisi, sadələşmiş vergi və gömrük rüsumlarıdır. Digər tədiyyə növləri üzrə isə təsdiq olunmuş məbləğin icrasına nail olunsa da, bəzi tədiyyələr, xüsusilə yol vergisi, hüquqi şəxslərin torpaq vergisi və dövlət rüsumu üzrə aşağı icra səviyyəsi müşahidə edilib. Aşağı icra edilmiş tədiyyələrin ümumi gəlirlərdə xüsusi çəkisi cəmi 1 faizdir.
2013-cü ilə nisbətən hesabat ilində vergi gəlirləri 10,1 faiz artmış, qeyri-vergi gəlirləri 14,4 faiz azalmışdır. Qeyri-vergi gəlirlərinin azalması bu gəlirlərin 87,1 faizini təşkil edən Dövlət Neft Fondundan daxilolmaların azalması hesabına baş vermişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmi 2013-cü ildə icra edilmiş vəsaitlərin 82,3 faizi qədər olmaqla hesabat ilində tam həcmdə 9,3 milyard manat təşkil etmişdir. Bu mənbə üzrə gəlirlərin cəmi gəlirlərdə xüsusi çəkisi 8,5 faiz bənd azalmaqla 50,7 faiz olmuşdur.
Vergi gəlirləri aksiz vergiləri istisna olmaqla digər vergilər üzrə vergitutma bazasının formalaşmasına əsaslı təsir edən əlavə və dəyişikliklərin edilməməsi şəraitində icra olunmuşdur. Hesabat ilində xarici əmtəə bazarlarında tələbin kövrəkliyinin və qiymət konyunkturasında iqtisadi qeyri-müəyyənlikdən irəli gələn yüksək dəyişkənliyin müşahidə olunmasına, o cümlədən 2014-cü ilin avqust ayından etibarən enerji daşıyıcılarının qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, hesabat ilində büdcə-vergi siyasəti üzrə nəzərdə tutulan əsas tədbirlərin reallaşması təmin edilmişdir.
Son illərdə büdcə gəlirlərinin artması hökuməti fəal investisiya və makroiqtisadi müstəvidə praqmatik siyasət aparmağa sövq etmişdir. 2014-cü ildə dövlət büdcəsinin xərcləri 93,3 faiz səviyyəsində icra edilmişdir. İcra edilməyən 1 milyard 354 milyon manat məbləğin 69 faizi cari xərcləri, 1,5 faizi əsaslı xərcləri və 29,5 faizi xarici dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri əhatə etmişdir.
“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş məbləğlərində Maliyyə Nazirliyi tərəfindən hesabat ili ərzində funksional bölmələrin ümumi məbləğin sabitliyi qorunmaqla təqribən 0,9 faiz həcmində dəyişikliklər aparılmışdır. Hesabat ilində dövlət büdcəsindən sosial-mədəni tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər 9,9 faiz artmış, iqtisadiyyatın maliyyələşməsi ilə bağlı xərclər 7,4 faiz azalmışdır.
Təqdim edilmiş məlumatların təhlili göstərir ki, dövlət satınalmaları və dövlət investisiyaları iqtisadi inkişaf dinamikasının dəstək aləti kimi qəbul edilir və makroiqtisadi effektivliyə malikdir. Bu dəstəyin təmin edilməsi məqsədilə 2014-cü ildə Dövlət İnvestisiya Proqramının əsas istiqamətləri üzrə bütün mənbələr hesabına nəzərdə tutulan 9 milyard 295,3 milyon manat vəsaitə qarşı icra 7 milyard 782,8 milyon manat və ya 83,7 faiz təşkil etmişdir. Proqram üzrə vəsaitin 80,3 faizi dövlət əsaslı vəsait qoyuluşu, 10,2 faizi xarici kreditlər və 9,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir.
Təqdim edilmiş məlumatların təhlili sair xərclərin məbləğinin 2013-cü illə müqayisədə 22,8 faiz az olduğunu, sair xərclərin dövlət büdcəsinin cəmi xərclərdə xüsusi çəkisinin 21,7 faizdən 20,7 faizədək azaldığını göstərir. Eyni zamanda, aparılan təhlillər həmin xərclər üzrə müşahidə edilən azalma meylinin gələcəkdə də davam etdirilməsi istiqamətində potensialın mövcud olduğunu qeyd etməyə imkan verir.
2014-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların təhlili göstərir ki, hesabat ilində dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlir və xərcləri 55 faiz səviyyəsində icra olunmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin və dövlət büdcəsinin ehtiyat fondundan icra edilmiş vəsaitin məbləği qanunvericiliklə müəyyən edilmiş limit həddindən aşağı olmuşdur.
Büdcənin balansı ilə bağlı qeyd olunmalıdır ki, hesabat ilində dövlət büdcəsinin kəsirinin məbləği 308,4 milyon manat təşkil etmiş, proqnozlaşdırılmış məbləğin 18,4 faizi səviyyəsində olmuşdur. Kəsirin maliyyələşməsinə 1 milyard 992,8 milyon manat vəsait ödənilmişdir. Belə ki, özəlləşdirmədən 30 milyon manat vəsait nəzərdə tutulduğu halda, 32,2 milyon manat, daxili və xarici borclanmadan 829 milyon manat vəsait nəzərdə tutulduğu halda, 1 milyard manat, o cümlədən xaricdə yerləşmiş qiymətli kağızlar üzrə 961,3 milyon manat məbləğində vəsait büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldilmişdir. Büdcə kəsirinin maliyyələşdirilməsinə, eyni zamanda, vahid xəzinə hesabının qalığından da istifadə edilmişdir ki, o da il ərzində artaraq 1 milyard 728,6 milyon manat olmuşdur.
İl ərzində xarici dövlət borcunun müəyyən edilmiş 2 milyon manat məbləğində limitinə riayət edilmiş, hesabat ilində imzalanmış sazişlərin məbləği 1 milyard 749 milyon manat olmuşdur ki, bu da limitin 87,3 faizi qədərdir. Ümumilikdə 2015-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları ekvivalentində müəyyənləşdirlmişdir. Bu məbləğin ümumi daxili məhsula nisbəti 0,4 faiz artaraq 8,6 faiz olmuşdur.
Daxili dövlət borcu isə hesabat ilində azalmaya meylli olmuşdur. Bu da dövlət istiqrazları üzrə əsas borc ödənişinin dövlət büdcəsində nəzərdə tutulmasına bax-mayaraq, əsas borc üzrə ödənişin büdcənin mədaxilinin azalması hesabına həyata keçirilməsi ilə əlaqədardır. Daxili dövlət borcunun limiti 19,9 faiz səviyyəsində icra olunmuşdur. Ümumilikdə dövlət borcu portfelinin ilbəil az da olsa artımını nəzərə alaraq onun səviyyə və tempinin müxtəlif şəraitlərdə dayanıqlı olmasını və arzu oluna risk və xərc səviyyəsində maliyyələşmənin tələb olunan məbləğinin artırılması, uzunmüddətli perspektivdə dövlət borcu üzrə xərclərin aşağı salınması məqsədi ilə dövlət borcunun idarə edilməsi vəzifələrini və tərtib risklərini nəzərə alan strategiyanın da hazırlanmasını məqsədəmüvafiq hesab edirik.
Hörmətli millət vəkilləri, Hesablama Palatasının rəyinin qeyd edilən istiqamətlər üzrə daha geniş təhlillərə əsaslandığını, eyni zamanda, Hesablama Palatasının kollegiyasının 2014-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı müsbət rəyini nəzərə almanızı xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Vüqar müəllim, əyləşin. Maliyyə naziri Samir Şərifova söz verilir. Buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli millət vəkilləri, xanımlar və cənablar! Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi, bununla bağlı hazırlanmış hesabat ötən ildə dövlət və icmal büdcələrinin gəlirlərinin mədaxil mənbələri və xərclərin icra vəziyyətini əks etdirir. Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulan ehtiyat və məqsədli büdcə fondlarından istifadə, il ərzində dövlət borcları və onlara xidmətin dinamikası, dövlət büdcəsinin kəsiri və vahid xəzinə hesabının qalığı ilə bağlı məlumatlar verilir. Artıq burada qeyd olunduğu kimi, Milli Məclisin İqtisadi siyasət komitəsində həmin hesabat ətraflı müzakirə edilmiş, bəyənilmiş və Milli Məclisin plenar iclasına təqdim edilmişdir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə ardıcıl şəkildə həyata keçirilən siyasi-iqtisadi kurs nəticəsində 2014-cü il üçün müəyyən edilmiş sosial-iqtisadi inkişafın hədəf göstəricilərinə, əsasən, nail olunmuşdur. İl üzrə xarici makroiqtisadi mühitin ölkəmiz üçün qeyri-əlverişli olmasına, Azərbaycanın əsas ixrac məhsullarının dünya bazarlarında qiymətlərinin iki dəfəyədək aşağı düşməsinə, regiondakı geo-siyasi vəziyyətin xarici ticarət əlaqələrinə olduqca mənfi təsir etməsinə baxmayaraq, ölkəmizdə makrofiskal dayanıqlıq qorunub saxlanılmış, iqtisadi artım davam etmişdir. Ötən il ümumi daxili məhsul real ifadədə 2,8 faiz, onun qeyri-neft sektoru hesabına hasil edilən hissəsi isə 7 faiz artmışdır.
2014-cü il icmal büdcənin gəlirləri 23,1 milyard manat və yaxud proqnoza nisbətən 105 faiz, xərcləri isə 21,4 milyon manat və yaxud 87,6 faiz icra olunmuşdur. Qeyd olunmalıdır ki, icmal büdcə 2,5 milyard manat kəsirlə proqnozlaşsa da, faktiki olaraq 1,7 milyard manat profisit əldə edilmişdir. Ötən il dövlət büdcəsinin mədaxili 18 milyard 401 milyon manat və yaxud proqnoza qarşı 101,1 faiz təşkil etmiş, ümumi daxili məhsulda xüsusi çəkisi 31,2 faizə çatmışdır.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2 faiz əməl edərək büdcəyə 7 milyard 114 milyon manat, əvvəlki ilə nisbətən isə 450 milyon manat və yaxud 6,7 faiz çox vəsait köçürmüşdür. Həmin vəsaitin 60,5 faiz və yaxud 4 milyard 307 milyon manatı qeyri-neft sektorunun payına düşən daxilolmalardır ki, bu da 2013-cü ilə nisbətən 543 milyon manat çox deməkdir.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunmaqla büdcəyə 1 milyard 511 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 9,2 faiz çox deməkdir. Dövlət Neft Fondundan nəzərdə tutulmuş məbləğdə, yəni 9 milyard 337 milyon manat vəsait büdcəyə transfert edilmişdir. Burada Hesablama Palatasının sədrinin qeyd etdiyi kimi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin tədricən azaldılması istiqamətində məqsədyönlü işlər görülür ki, bu da Azərbaycanda son illər fiskal konsolidasiya siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Burada qeyd edildiyi kimi, əvvəlki illərlə müqayisədə 2 milyard manat az transfert edilir. Hesab edirəm ki, 2015-ci ildə və növbəti illərdə bu xətt davam etdiriləcəkdir.
Büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən dövlət büdcəsinə 207 milyon manat, sair daxilolmalardan isə 232 milyon manat vəsait daxil olmuşdur. 2014-cü il büdcə vəsaiti hesabına dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmiş, o cümlədən əmək haqları, müavinətlər, pensiyalar, dövlət borcu, əsaslı vəsait qoyuluşu xərcləri üzrə öhdəliklər yerinə yetirilmişdir.
Büdcə xərcləri isə hesabat ilində proqnoza nisbətən 93,3 faiz və yaxud 18 milyard 709 milyon manat icra olunmuşdur. 2014-cü ildə nəzarətin daha da artırılması kommunal idarənin saxlanması, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, dövlət borcuna və öhdəliklərinə xidmət, beynəlxalq təşkilatlara üzvlük haqqı, ezamiyyə və digər xərclərdən qənaətlə istifadə edilməsi müvafiq olaraq 2014-cü il dövlət büdcəsi xərclərinin proqnozda nəzərdə tutulduğundan az icra edilməsini şərtləndirmişdir. Hesab edirik ki, bu fiskal xətt həm 2015-ci ildə, həm də növbəti illərdə davam etdiriləcəkdir.
Qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə daxil olan vəsait ilk növbədə müdafiə olunan, sonra isə digər xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir. Strukturuna görə dövlət büdcəsi xərclərinin 9 milyard 898 milyon manatı və yaxud 52,9 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2013-cü illə müqayisədə 704 milyon manat və yaxud 7,7 faiz çox deməkdir. Xərclərin 8 milyard 433 milyon manatı və yaxud 45,1 faizi əsaslı xərclərə, 379 milyon manatı və yaxud 2 faizi isə dövlət borclarına və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Bəzi xərclərin mövsümdən asılı olaraq maliyyələşdirilməsi, müqavilə şərtlərinə uyğun olaraq bir sıra zəruri dövlət alışları üzrə ödənişlərin ənənəvi olaraq, əsasən, büdcə ilinin sonuna təsadüf etməsi hesabına 2014-cü ilin dövlət büdcəsinin kassa xərclərinin 46,6 faizi birinci yarım ildə, 53,4 faizi isə ikinci yarım ildə həyata keçirilmişdir. Bununla bağlı bizə hörmətli millət vəkillərindən xeyli suallar verilmişdir və mən hesab etdim ki, bunların açıqlanması məqsədəuyğundur.
Bu kontekstdə bircə faktı qeyd etmək yerinə düşərdi. Belə ki, 2014-cü il dövlət büdcəsi xərclərinin 3,7 faizini və yaxud 697 milyon manatını təşkil edən ehtiyat fondlarının vəsaitlərinin istifadə istiqamətləri əvvəlcədən müəyyən edilmədiyi üçün həmin vəsaitlərin aylar və rüblər üzrə bölgüsü mümkünsüzdür. Eyni zamanda, həmin fondlardan maliyyələşən bir sıra layihələrin icra müddəti 2014-cü il büdcə ilindən artıq vaxt tələb etdiyinə görə mövcud qanunvericiliyə uyğun olaraq həmin fondların vəsaitinin 200 milyon manatının istifadəsi 2015-ci büdcə ilinə keçirilmiş və hazırda həmin maliyyələşmələr davam etdirilir.
Əvvəlki illə müqayisədə 2014-cü ildə funksional təsnifat səviyyəsində sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 11,7 faiz, təhsil xərclərinə 8,1 faiz, səhiyyə xərclərinə 7,5 faiz, mədəniyyət, incəsənət və idman xərclərinə 7 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz, müdafiə xərclərinə isə 2,1 faiz çox vəsait yönəldilmişdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla sosial yönümlü tədbirlərə, o cümlədən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərclərinə bütövlükdə dövlət büdcəsi xərclərinin 39,5 faiz həcmində və yaxud 7 milyard 392 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 1 milyard 223 milyon və yaxud 19,8 faiz çox deməkdir. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 2014-cü ildə elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, idman və digər sosial mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 2 milyard 783 milyon manat vəsait sərf edilmişdir.
Sosial yönümlü xərclərə aid olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədi ilə 2014-cü ilin dövlət büdcəsindən fonda 1 milyard 142 milyon manat məbləğində vəsait transfert edilmişdir ki, bu da 2013-cü illə müqayisədə 65 milyon manat və yaxud 6 faiz çoxdur. Bütövlükdə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 39,8 faizi dövlət büdcəsindən yönəldilən transfert hesabına örtülmüşdür.
Hesabat ilində ölkənin müdafiə qüdrətinin daha da artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin güclən-dirilməsi və digər məqsədlər üçün dövlət büdcəsinin cari və əsaslı xərclərindən bütövlükdə müdafiə xərclərinə yönəl-dilmiş vəsait dövlət büdcəsi xərclərinin 15,2 faizinə bərabər olmuşdur.
2014-cü ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6 milyard 257 milyon manat vəsait yönəldilmişdir. Həmin vəsaitlər dövlət investisiya proqramı xətti ilə ölkənin enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qururlmasına yönəldilərək 2 milyard 495 milyon manat vəsait sərf edilmişdir. Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı, meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün xaricdən cəlb olunmuş kreditlərdən 702 milyon manat məbləğində vəsait istifadə olunmuşdur. İcmal büdcənin xərclərinə daxil olan Dövlət Neft Fondunun vəsaiti hesabına isə ölkəmizdə və xaricdə həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün 2014-cü ildə 734 milyon manat vəsait yönəldilmişdir.
Hesabat ilində dövlət büdcəsinin məqsədli büdcə fondları üzrə xərcləri 525 milyon manat və yaxud 97,5 faiz icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə quruculuq işlərinin davam etdirilməsi, kəndlər arası yolların tikintisi və digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün 366 milyon vəsait ayrılmışdır.
Hesabat dövründə Dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulması mümkün olmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 331 milyon manat vəsait yönəldilmişdir. 214 milyon manat isə Avtomobil yolları məqsədli büdcə fonduna, 311 milyon manat isə Dövlət zəmanəti ilə alınan borcların təminatı fonduna yönəldilmişdir.
Dövlət borc öhdəliklərinin yerinə yetirilməsi, ölkə ərazisində və xaricdə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün 2014-cü il dövlət büdcəsindən Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinin təşkili üçün 55 milyon manat, bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün 33 milyon manat, beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər üçün 79 milyon manat, dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi üçün isə 379 milyon manat vəsait yönəldilmişdir.
Eyni zamanda, dövlət zəmanəti ilə maliyyə öhdəliklərinin çevik və səmərəli idarə edilməsi və vaxtında yerinə yetirilməsi məqsədi ilə hesabat ilində səhmləri dövlətə məxsus olan bəzi səhmdar cəmiyyətlərinin dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin tam və ya qismən icrası üçün Dövlət zəmanəti ilə alınan borcların təminat fondunun vəsaitindən 35 milyon manat vəsait istifadə olunmuşdur.
Keçən il mənzil və kommunal, kənd təsərrüfatı, balıqçılıq və ətraf mühitin mühafizəsi, sənaye, tikinti, nəqliyyat, rabitə və iqtisadi fəaliyyətli xərclər üçün bütövlükdə 7 milyard 599 milyon manat vəsait yönəldilmişdir. Aqrar sektora dövlət dəstəyi iqtisadi siyasətin prioritet istiqamətlərindən olmaqla 2014-cü il dövlət büdcəsindən kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 505 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3,5 faiz çox deməkdir.
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün 131 milyon manat və yaxud 2013-cü illə müqayisədə 4,8 faiz çox vəsait sərf edilmişdir.
Sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Səhmdar Cəmiyyətinə 82 milyon manat, o cümlədən ölkə Prezidentinin Ehtiyat Fondundan 47 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsait ayrılmışdır. Sosial ipoteka üçün nəzərdə tutulmuş 40 milyon manat tam həcmdə İpoteka Fonduna köçürülmüşdür.
Regionların sosial-iqtisadi inkişafı, vergi bazasının və vergi ödəmə qabiliyyətinin artırılması nəticəsində Bakı şəhəri nəzərə alınmadan 2014-cü ildə rayon və şəhərlərin yerli gəlirləri üzrə proqnoza 102,7 faiz əməl edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 73 milyon manat və yaxud 14,7 faiz çoxdur. Rayon və şəhərlərin yerli xərcləri isə 1 milyard 581 milyon manat və yaxud 97,1 faiz icra olunmuşdur. Bu, ötən illə müqayisədə 114 milyon manat çox deməkdir.
2014-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 368 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 37 milyon manat və yaxud 11,3 faiz çoxdur. Hesabat ilində gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 284 milyon manat və yaxud 2013-cü illə müqayisədə 6 milyon manat çox, rayon və şəhərlərin yerli xərclərinə isə 829 milyon manat dotasiya ünvanlanmışdır. Bununla yanaşı, ötən il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 52 milyon manat vəsait ayrılmışdır.
Son 10 ildə rayon və şəhərlərin yerli xəclərinin 4,5 dəfə artırılmasına baxmayaraq, öz gəlirlərinin artımı hesabına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən verilən maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 59,9 faizdən 52,4 faizə enmişdir.
2014-cü il dövlət büdcəsinin xərcləri 1 milyard 679 milyon manat kəsirlə təsdiq edilmişdir. Mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və əvvəl qeyd etdiyim kimi, bir sıra obyektiv səbəblərə görə bəzi xərclərin qənaətlə icra edilməsi nəticəsində kəsirin maliyyələşdirilməsi mənbələrindən tam istifadəyə ehtiyac qalmamışdır. Faktiki kəsir yalnız 308,4 milyon manat olmuşdur. Dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,5 faiz həcmindədir ki, bu da proqnozla nəzərdə tutulduğundan 2,3 faiz bənd azdır. 2014-cü il dövlət büdcəsinin kəsirinin örtülməsi üçün ölkə tarixində ilk dəfə olaraq dövlət qiymətli kağızların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsindən istifadə edilmişdir.
1 yanvar 2015-ci il vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabında 1 milyard 729 milyon manat qalıq vəsaiti mövcud olmuşdur ki, həmin vəsaitin də 2015-ci ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ötürülməsinə yönəldilməsi təklif edilmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyə uyğun olaraq vahid xəzinə hesabının qalığı yalnız 2014-cü il büdcə ilində qənaət olunmuş vəsait hesabına deyil, əvvəlki illərdən qalmış qalıq vəsaiti də nəzərə alınmaqla formalaşmışdır.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, dövlət büdcəsinin icrası ilə bağlı həm İqtisadi siyasət komitəsi, həm də Hesablama Palatası müsbət rəy vermişdir. Ona görə sizləri dövlət büdcəsinin icrasına dair qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun, Samir müəllim. Müzakirəyə başlayırıq. Vahid Əhmədovun sualı var. Buyurun.
V.Əhmədov. Çox sağ olun. Oqtay müəllim, mənim təklifim var. Birincisi, mənim yadıma gəlir ki, 2014-cü il dövlət büdcəsinin müzakirəsində 40-dan çox millət vəkili çıxış etdi və müəyyən təkliflər verdilər. O təkliflərin bəziləri qəbul olundu, bəziləri olunmadı.
Bu gün 2014-cü ilin dövlət büdcəsinin icrasını müzakirə edirik. Biz bunu İqtisadi siyasət komitəsində geniş müzakirə etmişik və təkliflərimizi də bildirmişik. Bu gün maliyyə naziri cənab Samir Şərifov və Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədov da geniş məlumat verdilər. Müzakirə zamanı 2014-cü ilin dövlət büdcəsində heç nəyi dəyişmək imkanımız olmayacaq. Mən həm də qeyd etmək istəyirəm ki, 2014-cü ilin dövlət büdcəsinin icrası Maliyyə Nazirliyi və hökumət tərəfindən yüksək səviyyədə aparılır. Məhz onun nəticəsidir ki, 2015-ci il üçün əlavə 1,3 milyard manat vəsait saxlanılıb. Mən hesab edirəm ki, müzakirəyə ehtiyac yoxdur, bunu müzakirəsiz qəbul edək. Çox sağ olun.
Sədrlik edən. 15 nəfər yazılıb. Təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Kim təkid edir? Fazil Mustafa buyursun.
F.Mustafa. Sağ olun, təşəkkür edirəm, Oqtay müəllim. Mən hesab edirəm ki, dövlət büdcəsi ciddi bir məsələdir, bunu müzakirə etmək, müəyyən təkliflər vermək üçün ən azı 5 dəqiqə ayrıla bilər.
Mən hesabatla əlaqədar demək istəyirəm ki, makroiqtisadi göstəricilərlə bağlı hər dəfə bizə Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin və digər ölkələrdən məlumatlar təqdim olunur. Biz iqtisadiyyatımızı daha çox onlarla müqayisə zəminində göstərməyə çalışırıq. Mən təklif edərdim ki, bundan sonrakı sənədlərdə Qafqaz respublikalarındakı vəziyyətin xronikası bizə çatdırılsın. Yəni Ermənistanda və Gürcüstanda ümumi daxili məhsulun artımı, başqa məsələlər müqayisəli şəkildə təqdim olunsun. Bu ən azından sabahkı təbliğatın, fikirlərin müqayisəli şəkildə çatdırılmasında millət vəkillərinə faydalı olardı. Mən hesab edirəm, son vaxtlar cəmiyyəti narahat edən bank kreditləri ilə bağlı məsələlərə burada hər hansı bir şəkildə işarə vurulmayıb. Heç olmasa, onunla bağlı bir aydınlaşdırma veriləydi. Bunlar nəinki 2008-dən, 2009-dan, hətta əvvəlki illərdən başlayan kreditlərdir.
Digər tərəfdən, burada dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı göstərilir. Bildiyiniz kimi, 2014-cü ilin 1 yanvarında bu, 928 milyon manat idi. 2015-ci ilin 1 yanvar tarixinə olan məlumata görə isə bu, 1,7 milyard manatdır. Bunun da mənbələri göstərilməyib. Ən azı bu qalıq əgər varsa, kəsirə köçürülməli idi və büdcə qalığı bu qədər kəsir varsa, artmamalı idi. Bu hansı mənbələrə əsaslanır? Bunun göstərilməsi, məncə, bizim üçün də müəyyən məsələləri araşdırmaq üçün anlaşıqlı olardı.
Bir də, büdcə vəsaiti ilə bağlı bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bu məsələ ilə bağlı, Oqtay müəllim, mən Sizə müraciət etmişəm, ancaq istəyirəm, Milli Məclis tribunasından istifadə edib bunu ictimailəşdirək və hörmətli maliyyə naziri Samir müəllimin də bu məsələyə hansı formada dəstək verə biləcəyini aydınlaşdıraq.
Araşdırmalarımıza görə vaxtilə Türkiyəyə mühacirət etmiş, amma rəsmi olmadan orada yaşayan çox sayda azərbaycanlı var. Aldığımız məlumata görə 2500-dən artıq azərbaycanlı uşaq və yeniyetmə heç bir təhsil almadan orada yaşayırlar. 15, 16, 18 yaşına çatıblar, amma heç adlarını belə yaza bilmirlər. Valideynləri qeydiyyatdan keçməyib, uşaqlar orada anadan olublar. Elə bil, kriminal sfera üçün adam yetişdiririk. Öz millətimizin uşaqlarının savadsız yetişməsinə barmaqarası baxırıq. Əslində, bu çox ciddi, həyəcanlı bir məsələdir. Ehtiyat fondlarından hansısa formada vəsait ayıraq, çünki valideynləri bu məsələdə maraqlı deyillər. Sabah onların qeydiyyat məsələsini rəsmiləşdirsələr, Azərbaycana deportasiya olunmalıdırlar. Azərbaycana qayıdanda da onları işlə təmin etmək imkanımız yoxdur. Ona görə də heç kim bura qayıtmaq istəməyəcək, çünki orada ən azı şərait qurub, heç olmasa, çörək pulu qazanır. Amma burada söhbət uşaqların taleyindən gedir.
Biz hər hansı bir formada Türkiyə ilə danışaraq orada məktəb aça bilərikmi? Hörmətli Azay Quliyevin dəstəyi ilə bir sıra qeyri-hökumət təşkilatları orada müəyyən fəaliyyət göstərirlər. Bir-iki ay o uşaqları toplayaraq onlara təhsil verirlər. Amma bunu sistem halına salmaq lazımdır. Bu barədə Təhsil Nazirliyinin də, əlaqədar qurumların da məlumatı var. Mən ona görə bunu ictimailəşdirirəm ki, 2500-dən artıq azərbaycanlı uşağın taleyini mütləq həll etməliyik. Onları təhsilə cəlb etmək üçün könüllü müəllimlər göndərmək olar. Ehtiyat fondlarından vəsait ayırmaq olar ki, ən azı yay aylarında kimsə gedib 3 ay onlara dərs keçə bilsin.
Orada qeyri-qanuni məskunlaşan ermənilər də var. Erməni kilsəsi xüsusi olaraq həmin uşaqlar üçün qeyri-rəsmi formada məktəb açıb, onların hamısı təhsil alırlar. Biz də çalışmalıyıq ki, sənəd belə verməsələr də, uşaqlar ən azı yazı-pozunu öyrənsinlər. Bunların heç sənədləri də yoxdur. Hansı xəstəxanada doğulublarsa, onunla bağlı kiçik bir arayış veriblər. Bundan başqa heç bir sənədləri yoxdur. Ona görə mən istərdim ki, bu məsələnin həlli və bu istiqamətdə vəsait ayrılması məsələsi üzərində də düşünək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən təkid edənlərə söz verəcəyəm. Azay müəllim, sənə də söz verəcəyəm. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. İki həftədən sonra Azərbaycanda I Avropa Oyunları başlayır. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm, idmançılarımıza uğurlar arzulayıram. Ona görə bunları deyirəm ki, bu bizim sonuncu iclasımızdır. Mən əminəm ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları bundan sonrakı bütün oyunlar üçün bir etalon olacaq. Çox qısa bir müddətdə çox böyük işlər görülüb. Mən Təşkilat komitəsinin sədri həmkarımız Mehriban xanıma, komitənin bütün üzvlərinə öz minnətdarlığımı bildirirəm ki, bu cür yüksək səviyyədə hazırlıq işləri görülüb.
Oqtay müəllim, mən müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də daxil olmaq şərti ilə sosial həyatımızın ən vacib istiqamətləri olan elmə büdcə xərclərinin cəmi 0,7 faizi, təhsilə 10,4 faizi, səhiyyəyə 4,5 faizi xərclənib. Hər dəfə büdcə müzakirəsində millət vəkillərinin böyük bir qismi xahiş edir ki, bu xərclər artırılmalıdır. Bu xərclərlə həmin sahələrdə çox ciddi dönüşə nail olmaq mümkün deyil. Çox təəssüf ki, onsuz da az olan vəsaitin elm üzrə 95,6 faizi, təhsil üzrə 91,5 faizi, səhiyyə üzrə 91 faizi xərclənib. Yəni bu xərclərdən də tam istifadə olunmayıb.
Bundan başqa, mən diqqəti Naxçıvan Muxtar Respublikasına yönəltmək istəyirəm. Hörmətli həmkarım Fazil bəy söylədi ki, Türkiyədə 2500-ə qədər azərbaycanlı uşaq təhsil ala bilmir. Onların bir qismi də Naxçıvandan ora iş dalınca getmiş insanların övladlarıdır. Mən Naxçıvan Muxtar Respublikasından seçilmiş bir millət vəkili kimi hər zaman söyləyirəm ki, Naxçıvan blokadada olduğuna görə ora xüsusi diqqət göstərilməlidir. Burada hörmətli Samir müəllim söylədi ki, Naxçıvana dövlət əsaslı vəsait qoyuluşundan 51,8 milyon manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Prezidenti də sağ olsun ki, Naxçıvana diqqət göstərib, özünün ehtiyat fondundan Mərkəzi Xəstəxanaya avadanlıq alınmasına 9 milyon, “Arpaçay – 2” su-elektrik stansiyasının tikintisinə 4 milyon manat vəsait ayırıb. Amma ümumən Prezidentin ehtiyat fondundan 366,2 milyon manat, Dövlət büdcəsinin ehtiyat fondundan isə 330,9 milyon manat vəsait xərclənib ki, onun heç 1 manatı da Naxçıvan üçün ayrılmayıb.
Naxçıvanda iş yerlərinin açılmasına, istehsal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Son 2 il ərzində Naxçıvana əsaslı vəsait qoyuluşu təqribən 5 dəfə azalıb. Mən düşünürəm ki, bu, yolverilməzdir və hökumət bu məsələni diqqətdə saxlamalıdır. Məsələn, mənim seçildiyim Ordubad rayonu ilə Culfa rayonunu birləşdirən rayonlararası yolun yenidən qurulmasına çox böyük ehtiyac var. Amma çox təəssüf ki, vəsait olmadığına görə bu yol yenidən qurulmur. Buna görə mən hörmətli Samir müəllimin nəzərinə çatdırıram ki, növbət büdcə hazırlananda bu məsələ diqqətdə saxlanılsın. Bir daha söyləyirəm, Naxçıvan blokada vəziyyətindədir, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir bölgədir.
Oqtay müəllim, mən hesab edirəm ki, bir məsələyə də diqqət etməyə ehtiyac var. Mən dünən bunu “Azadlıq” qəzetinin veb-saytında oxudum. Milli Şura adlanan qurum sabaha mitinq təyin edib. İnsanlarımız açıq formada təhqir olunurlar ki, əgər onlar mitinqə qatılmasalar, qorxaqdırlar, öz qürurlarını qorumaq imkanlarına malik deyillər. İnsanların ləyaqəti aşağılanır. Mən hesab edirəm, bu, yolverilməzdir və pislənilməlidir. İnsanları şantaj etməklə, zorla mitinqə çıxarmaq olmaz.
Əlbəttə, hər bir hadisə Azərbaycanın hər bir vətəndaşını incidir, o cümlədən baş vermiş yanğın hadisəsi. Bu adamlar bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Onlar azərbaycanlı olduqlarına görə utana bilərlər, amma Azərbaycan insanını təhqir edə bilməzlər. Əvvəla, lider dedikləri insanlara baxsınlar və utansınlar. Cəmil Həsənli bizim deputat həmkarımız olub. Siz bilirsiniz, deputat olduğu dövrdə hər il mərhum Prezident Heydər Əliyevin qəbrini həm doğum günü, həm də dünyasını dəyişdiyi gün bizimlə birlikdə ziyarət edib, onun qəbri önündə baş əyib, gül dəstələr qoyub.
Kitablarının birini bu gün lənətlədiyi hökumətin üzvü Elmar Məmmədyarovun sifarişi ilə yazıb və orada mərhum Heydər Əliyevi milli lider adlandırıb, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun lider dövlət olmasını xüsusi qeyd edib. İkinci bir kitabını Prezidentin qohumu, yenə Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunmuş Hafiz Paşayevin sifarişi ilə, yəni onun verdiyi maliyyə vəsaiti hesabına yazıb. Orada da həm İlham Əliyevdən, həm də mərhum Prezident Heydər Əliyevdən sitatlar gətirib.
Bunu ona görə söyləyirəm ki, deputat seçilməyəndən sonra ağzına və ağlına gələnləri danışmağa başlayıb. Bu adamların çağırışı ilə insanlar niyə küçəyə çıxmalıdırlar? Azərbaycan xalqı başa düşür ki, bunlar öz davalarını aparırlar, onların davası xalq davası deyil. Yaxud Əli Kərimli dövlət katibi kimi güc strukturlarını kurasiya edirdi. Gəncədə Surətin qiyamı başladı, bütün güc strukturları dağıldı. Surətin adamları Gəncədən gəlib icra başçılarını üzüqara qadınlar kimi “Jiquli”yə qoyub aparırdılar. Öz evlərinə aparırdılar, geri qaytarırdılar. Belə bir halda xalq niyə bu insanlara dəstək verməlidir? Ona görə də üzümü həmin insanlara tuturam. Azərbaycan xalqını təhqir edirsiniz. Deyirsiniz ki, qorxaqsınız, mitinqə gəlmirsiniz, qürurunuzu, ləyaqətinizi qorumursunuz. Siz öz ləyaqətinizi qoruyun, başınızı qaldırın, görün, kimin ətrafındasınız. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Hesab edirəm ki, görülmüş işlər çox təqdirəlayiqdir. Ölkəmiz, doğrudan da, regionda lider dövlətdir. Azərbaycanda görülən işlər başqa postsovet məkanları ilə müqayisə olunmayacaq dərəcədə geniş şəkildə təbliğ və təqdir olunmağa layiqdir. Amma hər halda bizim irad və təkliflərimiz normal sayılmalıdır. Bütün təkliflərin üzərində istəklər dayanıb ki, ölkəmiz daha qüdrətli olsun, çatışmazlıqlar aradan qaldırılsın.
Hesabatdan görünür ki, Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz. Misal üçün, 2014-cü ildə ölkə üzrə ticarət əməliyyatlarının həcmi 31 milyard ABŞ dolları, o cümlədən idxal əməliyyatları üzrə 9,2 milyard, ixrac əməliyyatları üzrə isə 21 milyard dollar təşkil etmişdir. Nəticədə 12 milyard dollar müsbət saldo yaranmışdır. Bu yaxşıdır. Amma bu müsbət saldo nəyin hesabına yaranmışdır? Təbii ki, neftin. Biz arzulayırıq ki, bundan sonra həmin 21,8 milyard ABŞ dolları miqdarında ixrac məhsullarımız rəqabət qabiliyyətli qeyri-neft sektorunun məhsulları hesabına olsun. Əlbəttə, həmişə bu məsələni deyirik və getdikcə qeyri-neft sektoruna üstünlük verilir. Amma hər halda bu müsbət saldonu qeyri-neft sektoru hesabına etsək, daha doğru və qəbul olunan nəticələr ortaya çıxar.
Burada xaricdən gətirilən məhsullarla rəqabət məsələsi var. 9,2 milyardlıq idxal məhsullarının əksəriyyəti ölkədə istehsal oluna bilər və yaxud da istehsal olunur. Nəyə görə biz bu məhsulları xaricdən gətirməliyik?
Mən burada xüsusi bir məqama toxunmaq istəyirəm. Ən qəbulolunmaz isə odur ki, bəzi idxal məhsullarına gömrükdə avtonom tariflər tətbiq olunmadığından yerli məhsullar xaricdən ölkəyə gətirilən eyni adlı məhsullarla rəqabətə tablaşmır, süni şəkildə sıxışdırılır. Nəticədə həmin məhsulların istehsalına maraq azalır və təbii ki, iş yerlərinin azalması ortaya çıxır. Mən hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir. Özümüzdə istehsal olunan məhsulların bazarlarda yer tapması üçün gömrükdə avtonom tariflərin tətbiq olunmasına mütləq yenidən baxılmalıdır.
Mən istəyirəm, başqa bir məsələyə də münasibətimi bildirim. İqtisadi təsnifata uyğun olaraq mənzil və kommunal təsərrüfat xərclərində “abadlaşdırma xərcləri” adlı fəsil vardır. Bura 229 milyon manat vəsait ayrılıbdır. Bir də “və sair xərclər” var ki, buna da 52 milyon manat ayrılıb. Hesab edirəm ki, bunlar göyə sovrulan xərclərdir. Bunu biz binalara vurulmuş üzlük materialların timsalında gördük.
Bütövlükdə kommunal xərclərə 420 milyon manat vəsait ayrılıb. Bu vəsait dövlət mülkiyyətində saxlanmaqla bu sahələr mütləq özəl idarəetməyə verilməlidir. Bu dəfələrlə səslənən təkliflərdən biridir. Bu vəsaitin dağıdılmasının qarşısını almaq üçün onun mütləq özəl sektora verilməsi əhəmiyyətli məsələdir.
2014-cü ildə dövlət büdcəsindən Avtomobil yolları məqsədli büdcə fonduna 214 milyon manat, yolların əsaslı təmirinə isə 53 milyon manat ayrılıb. Yolların təmir olunması, yeni yolların tikilməsi çox mühüm məsələdir. Mən bunu alqışlayıram, amma gəlin görək, bu yolların istismar müddəti nə qədər olacaq? Bu gün yollar çəkilir, 5 gündən sonra dağıdılır. Hesab edirəm ki, bu məsələlərə diqqət yetirilməlidir. Təsərrüfatlar arasında koordinasiya bərbad vəziyyətdədir. Bu qədər vəsait ayrılır, adamın ürəyi fəxrlə dolur ki, gözəl yollar çəkiləcək. Amma 5 gündən sonra görürsən ki, kim isə gəlib başqa iş görür. Bunu əvvəlcədən planlaşdırmaq lazımdır ki, israfçılığa yol verilməsin.
Yeri gəlmişkən, başqa bir məsələyə də toxunmaq istəyirəm. Cənab Prezidentin təşəbbüsü ilə çirkli göllərin təmizlənməsinə vəsait ayrılıbdır. Ekoloji tarazlığın sahmana salınması, ekoloji natamamlığın aradan qaldırılması ilə bağlı çox ciddi işlər görülür. Amma digər tərəfdən, Masazır düz gölü daş, torpaq, nə bilim, zibil tökülməklə qurudulur və üzərində obyektlər tikilir. Bu ən azından Prezidentin təbii sərvətlərlə bağlı yeritdiyi siyasətə ziddir. Biz çirkli gölləri təmizləyirik, amma əsrarəngiz mənzərəsi olan bir gölümüzü sıradan çıxarırıq. Dəfələrlə bu məsələni qaldırmışam, xahiş edirəm, buna diqqət artırılsın.
Mən geniş danışmaq istəmirəm, amma iki məsələyə ümumi şəkildə toxunacam. Yenə Dövlət Neft Fondunun öz strategiyasında dəyişiklik eləməməsinə, rus rublunun də valyuta ehtiyatında saxlanmasına narahatlığımı və narazılığımı bildirmək istəyirəm. Hesab edirəm ki, dövlət büdcəsinin Dövlət Neft Fondundan asılılığını azaltmaq lazımdır. Əlbəttə, bütün bunları ona görə deyirik ki, hökumət daha ciddi şəkildə çalışsın. Ümid edirəm ki, hökumətimiz daha ciddi şəkildə çalışacaq və çatışmazlıqları aradan qaldıracaq, ölkəmizin daha da qüdrətlənməsi üçün bütün imkanlarını ortaya qoyacaqdır. Mən uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Məndən öncə həm hörmətli Hesablama Palatasının sədri, həm hörmətli maliyyə naziri və həm də həmkarlarım ətraflı danışdılar. Mən də vaxta qənaət etmək üçün çalışacağam ki, qısa şəkildə bir neçə fikrimi bildirim. Hesabatdan göründüyü kimi, 2014-cü ilin dövlət büdcəsi çox uğurla icra olunub, qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilibdir. Xüsusilə sosial yönümlü layihələrdə hər hansı bir formada gecikmələr baş verməyibdir. Bu, hesab edirəm, bütövlükdə hökumətin və cənab Prezidentin uğurudur. Mən fürsətdən istifadə edib hökuməti bu uğurlu fəaliyyətinə görə təbrik etmək istəyirəm.
Hesabatda diqqəti çəkən 2 mühüm məsələ var idi. Bunlardan biri odur ki, artıq Dövlət Neft Fondundan büdcəyə transfertlər kifayət qədər azalıbdır. Bu, 2014-cü ilin timsalında 2 milyard manatdır. Hesab edirəm, bu tendensiya davam etməli və Azərbaycanın neftdən asılılığı get-gedə azalmalıdır. Bu, ümumi daxili məhsulda da özünü göstərir. Ümumi daxili məhsulda qeyri-neft sektorunun payı artıq 61 faizdir. Digər mühüm maraqlı məqamlardan biri odur ki, 2014-cü ildə təxminən 1,5 milyard manat qənaət olunub və bu, 2015-ci ilə keçirilib. Hesab edirəm ki, bu iş də bütövlükdə müsbət məqam kimi qeyd olunmalıdır.
Bir neçə məsələyə də toxunmaq istəyirəm. Bunlardan birini hörmətli həmkarım Fazil müəllim qeyd elədi, mən onu dəstəkləyirəm. Bu gün Türkiyədə yüzlərcə azərbaycanlı ailənin övladları təhsildən kənarda qalıb. Hökumət üçün bu, gələcəkdə ciddi bir problem olacaq. Biz buna diqqət ayırmalıyıq. Bizim şura müəyyən vəsaiti ayırsa da, bu, kifayət etmir və məsələyə mütləq dövlətin müdaxiləsi lazımdır.
İkinci toxunmaq istədiyim məsələ seçildiyim Şirvan şəhəri ilə bağlıdır və hörmətli Samir müəllimə müraciət eləmək istəyirəm. 2014-cü ilin büdcəsi müzakirə olunan zaman məsələ qaldırmışdım ki, Şirvanda sosial cəhətdən həssas olan bir qrup əhali ciddi mənzil problemi ilə qarşı-qarşıyadır. Məlumdur ki, Şirvan sənaye şəhəridir və vaxtilə Azərbaycanın müxtəlif bölgələrindən ora işləmək üçün gəliblər, yataqxanada məskunlaşıblar. Bilirsiniz, Şirvanın torpaq ərazisi yoxdur ki, onlara ev tikmək üçün torpaq sahəsi ayrılsın. Hər dəfə onlarla keçirilən görüşdə bu məsələ açıq şəkildə qoyulur. Müxtəlif müəssisələrin nəzdində fəaliyyət göstərən yataqxanalarda da artıq yer yoxdur.
Mən təklif edirəm ki, dövlətin, hökumətin sənaye şəhərləri ilə bağlı xüsusi bir yanaşması olsun. Bu yanaşma nədən ibarət ola bilər? Deyək ki, büdcədən ayrılan vəsait hesabına orada müəyyən sosial evlər tikilə bilər. Bu sosial evlər hökumətin nəzarətində olan qurumlara həvalə edilməklə həmin insanlara verilə bilər. Məsələn, 30 il, 40 il növbədə dayananlar var. Bunlar işləməyən, çox ciddi şəkildə sosial dəstəyə ehtiyacı olan insanlardır. Heç olmasa, bununla müəyyən dərəcədə onların problemini həll edə bilərik. Nəzərə alaq ki, 2014-cü ildə təkcə mənzil və kommunal təsərrüfatı üçün 417 milyon manat vəsait ayrılıbdır. Bu təqdirəlayiq haldır və onun bir qismini məhz bu cür həssas bölgələrə ayırmaq olar.
İkinci, bu fikri dəstəkləyən arqumenti demək istəyirəm. Şirvan çox az şəhərlərdən biridir ki, büdcədən dotasiya almır. Buna görə də Şirvan şəhərinin bu cür həssas problemlərinin həllinə hökumət tərəfindən müəyyən diqqət ayrılsa, çox yaxşı olar və bu da oradakı gərginliyi azaldar.
Bir məsələni də burada vurğulamaq istəyirəm. Burada bir rəqəmə rast gəldim. Bu, 2014-cü ildə dövlət büdcəsindən qrant məqsədi ilə 224 milyon manat vəsaitin ayrılması ilə bağlıdır. Əlbəttə, dövlətimizin qrant alan ölkədən qrant verən ölkəyə çevrilməsi hamımızı sevindirir. Amma burada təsnifatlaşdırmaya, məsələni müəyyən dərəcədə aydınlaşdırmağa ehtiyac var. Məndə olan məlumata görə təkcə Prezident yanında olan qurumların qrant portfeli təxminən 15–17 milyon civarındadır. Yerdə qalan vəsaitin xərclənmə istiqaməti və təyinatı, əlbəttə, ictimaiyyət üçün maraqlıdır. Mən, təbii ki, bu icra ilə bağlı təqdim olunan büdcə layihəsinə səs verəcəyəm və hökumətə gələcək işlərində uğurlar arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid eləyən 3 nəfər qalıb. Söz verəcəyəm sonra. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, əlbəttə, nəzərə alıram ki, bu, parlamentin yaz sessiyasının sonuncu iclasıdır. Yalnız bir dəfə, yəqin ki, oktyabrın 1-də toplaşmaq mümkün olacaq. Onda da parlamentdaxili atmosferi təsvir eləmək bir o qədər də asan deyil. Kimlər isə fəal seçki hazırlıqları, kimlər isə başqa qayğılarla məşğul olacaq. Ona görə də, cənab Sədr, təşəkkür edirəm ki, yerdən olan etirazlara baxmayaraq, Siz geniş diskussiya mühiti yaratmağa çalışırsınız. Öncə həmkarım Qüdrət Həsənquliyevin çıxışını qurduğu bir neçə tezisin hər birini ayrıca müdafiə edirəm.
Sonuncu məsələyə qısa olaraq toxunmağa dəyər ki, 30 may aksiyasını 19 mayda baş vermiş hadisə üzərində qurmaq riyakarlıqdır. Bu adamların yanğısı vətəndaşların ağrısı deyil. Bunların yanğısı ayrı yanğıdır və bunu da cəmiyyət bilir. Əslində, bu yanma hadisəsi Azərbaycanın keçmişində, sadəcə, fiziki olaraq hansısa bir yerdə törənən fövqəladə bir hadisə deyil. Bütövlükdə Azərbaycan yanğın içində idi. Mən ilk dəfə o sözü hörmətli həmkarım Arif Rəhimzadədən eşitmişəm. Müəlliflik hüququnu onun özünə də qaytarmaq lazımdır. O bir dəfə müxalif qüvvələr ilə polemikada çox dərin bir fikir səsləndirmişdi ki, siz bütövlükdə əlinizi qızdırasınız deyə, bu ölkəni yandırmağa hazır idiniz. Gerçəkdən də onların durumu bundan ibarətdir. Bütün “Facebook” məkanı, sosial media məkanı bu cür təhdidlərlə doludur. Siz indi də çıxmayacaqsınız, nə vaxt çıxacaqsınız aksiyalara? Mən o vaxt debatda Cəmil Həsənlinin özünə demişdim ki, siz nekroloq komitəsisiniz və siyasi hakimiyyət uğrunda mübarizənizi faciələr üzərində qurursunuz. Ona görə də, təbii, bizim bu məsələlərə münasibətimiz dəqiqdir, bəllidir.
Ancaq istəyirəm, burada ayrıca bir nöqtəni də xüsusi vurğulayım ki, dövlətin bu siyasətini az qala linç eləmək istəyirlər ki, nədən binalar üçün bu addımlar atılıbdır. Əvvəla, istəyirəm, hər kəs bilsin ki, bu, son 5 ayın, bir ilin hadisəsi deyil. İllərdir ki, Azərbaycanda binalar ilə bağlı belə işlər həyata keçirilir. İndi hamı bu hadisə üzərindən simvollaşdırmaqla fəlsəfi fikirlərlə məşğul oldu. İndi çəkiclə yonularaq onun keçmiş mənzərəsi, sovet sifəti üzə çıxdı. Çoxmu gözəl idi o? Gözəl deyildi. Bu, sadəcə, gözəllik üçün düşünülməmişdi, xarici aləmə göstərmək, təqdim eləmək naminə edilmirdi. Əslində, o vətəndaşların yerində olsanız, görərsiniz ki, o binaya qoyulan investisiya idi. Çərçivə qoyulurdu, hər bir ev də bundan udurdu. Biz hər şeyi bir az maddi ekvivalentdə düşünməyə meyilliyik. Hər bir adam düşünürdü ki, onun evi, mənzili alqı-satqı mənasında bundan udub. Kim onu necə yerinə yetirib, tikinti normalarına necə əməl olunub və ya əməl olunmayıb, bu, ayrı bir söhbətin mövzusudur. Amma dövlət bunu düşünəndə çox yaxşı düşünmüşdü. İstəyirəm ki, bunu ayrıca vurğulayaq. Axı keçmiş sifətinə görə də bu dövləti qınayırdılar.
Cənab Sədr, bir neçə qısa qeydimi söyləmək istəyirəm. Mən fərqindəyəm ki, bu, büdcə müzakirələri deyil. Hökumətin hesabatını da qəbul eləmişik. Amma hörmətli Samir müəllim kifayət qədər dəyərli bir insandır, yaxşı bir hökumət üzvüdür. Bunu ona görə vurğulayıram ki, biz, adətən, sağda-solda hər bir məsələdə tənqid eləməyə meyilliyik. Amma əlçatan adamdır. Parlament üzvlərini düşündürən məsələləri çatdırmaq və cavab almaq mümkündür. Formal yox, real. Mən istəyirəm ki, bir neçə təklifimi qısa olaraq deyim. Ötən dəfə burada mən məsələ qaldırdım ki, xaricdə dini təhsili qadağan eləyək. İndi bu, müvafiq icra hakimiyyətinin də razılığı ilə baş verir. Amma cənab Sədr, indi reallıqda nə yaşanır? Bizim 2000 məscidimiz var. 1994-cü ildə ulu öndər strateji bir qərar verərək Bakı İslam Universitetini yaratdı. Bu həm də ona görə idi ki, bütün bu dini mərasimlər, məscidlər, dini fikirlər Azərbaycanda təhsil alan insanların hesabına cəmiyyətə çıxsın. Amma sonradan Bakı İslam Universitetinin təhsili pullu oldu və ona görə də insanlar xaricə üz tutdular. Biz deyirik ki, din ölkələrin hamısında eynidir. Amma dövlətlərin o dinə baxışı, siyasəti ayrıdır. Onu bura gətirirlər, bu azmış kimi, o ölkələr arasındakı münaqişəni də gətirirlər. Suriyada oxuyub gələn İranı daha çox təmayül kimi seçir, İranda olanlar da eynən. Biz bunu qətiyyən pis saymırıq, amma deyirəm ki, gerçəklik bundan ibarətdir. Səudiyyə Ərəbistanında təhsil alanlar da həmçinin. Türkiyədə tamam başqa modeldir.
Beləliklə, cənab Sədr, mən arzulayıram ki, gələcək dövrdə bizdə dini təhsil pulsuz olsun. Belə olacağı təqdirdə Azərbaycan özünün müqəddəs kitabını öz insanlarının hesabına ortaya qoya biləcəkdir. Keçən dəfə bir komitənin nümayəndəsi danışdı ki, bizim rayonlardan birində bir kənddə ölkələrin birində, – konkret adını çəkir, – dini təhsil alıb gəlmiş şəxs var. Bir kəndi sanki öz inhisarında saxlayır, çünki dini bilgiləri var. Auditoriyanı idarə eləyə bilir, məclislərə çağırırlar. Tamam ayrı bir təmayüldədir, Azərbaycanın dövlət modelindən tamam ayrı bir kursdur. Ona görə bunun nə qədər zəruri olduğunu əsaslandırmaq üçün əlavə dəlilə ehtiyacımız yoxdur. Çünki hər kəs bu və ya digər formada məclislərə gedir.
İkinci təklifim Beynəlxalq Bankla bağlıdır. Cənab Sədr, bu kreditlərlə bağlı məsələyə keçən dəfə toxunduq. Bu aydındır. Qısa olaraq nəyi demək istəyirəm. Bu bankın vəsaitlərinin formalaşması səhm paketinə görə 51 faiz dövlətin üzərindədir. 8 milyard manatdan artıq vəsait bir resurs olaraq onların sərəncamındadır. İqtisadi inkişaf naziri cəmi bir milyard manat çevrəsində cəmiyyətlə, müvafiq sahibkar qurumları ilə işləməkdədir. Görün, 8 dəfə ondan yuxarı vəsait Beynəlxalq Bankdadır. Heç bir yerdə hesabat yoxdur. Gələcəkdə kim sədri olacaq, bu ayrı bir söhbətin mövzusudur. Bu, cənab Prezidentin sərəncamında olan bir məsələdir. Mən çox arzulayıram ki, Beynəlxalq Bankın fəaliyyəti ilə bağlı məsələlər bizim hökumətin hesabatına daxil olsun və yaxud da onların nümayəndələri bu tədbirlərdə iştirak eləsinlər.
Növbəti qaldırmaq istədiyim məsələ Dövlət Bayrağı Meydanının rəhbərliyinin işdən çıxarılmasından sonra üzə çıxıbdır. Dünən də mediada növbəti 3 şəxsin həbsi ilə bağlı yazıblar. Bəlli oldu ki, bir sıra şəxslərin evlərindən, mülklərindən çıxarılması qanunsuz olaraq baş veribdir. Bu çox mühüm məsələdir. Mülkiyyət toxunulmazlığı iqtisadi sabitliyin, elə siyasi sabitliyin də əsasını təşkil eləyir. Ümumiyyətlə, 2005-ci ildə biz qanun qəbul eləmişik. Hər kimdir, vətəndaşdır. Bu deyir ki, mənimki komadır. Bu komada mənim dədəm və ya valideynlərim yaşayıb, bu evdən çıxıb, yəni o dünyaya gedib, mənim üçün ruhun önəmi var. Hansısa bazar qiyməti ilə razılaşmır, bu sövdələşmə də alınmır. 2005-ci ildə qəbul etdiyimiz qanuna görə məhkəmə var. Məhkəmə qərarı bu gün ortada olmuş olsa idi, daha hansısa beynəlxalq tədbirlərdə bizə “sizdə bir neçə növ qaçqın var, həm də köçürülmədən yaranan qaçqın” sözləri deyilməzdi. Halbuki bu köçürülmədən 95–97 faiz insanlar udublar. Biz bilirik ki, onlar hansı şəraitdə yaşayırdılar. İndi aldıqları vəsait hesabına öz həyatlarını qurublar. Amma bu 97 faiz qıraqda qalıb, 3 faiz narazı olan insan dövriyyədədir, tribunadadır, mediadadır. Bu dövlətin gördüyü ən mühüm iş də buradan dediyimiz kimi zərbə alır.
Sonuncu demək istədiyim məsələ. Hörmətli Samir müəllim, bizdə İpoteka Fondu ildən-ilə artır, çox sağ olun. Ötən dəfə Mərkəzi Bankın rəhbəri dedi ki, vəsaitlər daha da artacaqdır. 50 milyon manat vəsaitdir. 50 min maksimal məbləği nəzərə alsaq, hər il 1000 nəfər ev ilə təmin oluna bilər. Təbii ki, indi vətəndaşlar işləyir, qazanır, gəlirləri var. Təkcə bu deyil. Ancaq hər il 130 min şagird məzun olaraq əmək və mənzil bazarına daxil olur. Bunların böyük əksəriyyəti Bakıya, paytaxta üz tutur. 2–3 ildən sonra bunlar evlənsələr, 65 min cütlük yaranacaq, yəni bunlar valideynlərin çevrəsində, yanında yaşamaq istəmirlər. Ona görə mən nə təklif edirəm? Gələcək dövrdə biz bir tərəfdən bölgələrdə bu kreditlərin alınmasına stimul verməliyik, o cümlədən daha çox dövlət qulluqçuları. Çünki hörmətli Sədr, dövlət qulluqçularının özəl sektordan maaşları nisbətən fərqlidir. Ona görə də onlar üz tuturlar o sektora. Dövlət peşəkar kadrları itirmiş olur. Biz indi bu İpoteka Fondunun vəsaitləri haqqında məlumatlar alırıq. Amma bilmirik ki, onlar hansı ixtisas sahiblərinə, hansı sektora, hansı silahlı qüvvələrə və ya digər sahəyə yönələn vəsaitlərdir. Ona görə də bunu təklif eləmək istəyirəm.
Diaqnostika mərkəzləri ilə bağlı çox gözəl bir iş görülür. Azərbaycanda mühüm bir fəaliyyət həyata keçirilib. Azərbaycanın bölgələrinin vətəndaşları artıq kütləvi olaraq Bakıya üz tutmurlar. Amma hörmətli Samir müəllim, keçmişdə diaqnostika mərkəzləri neft şirkətinin balansında idi. Əmək haqqı cədvəllərinin əksəriyyəti müəyyənləşmiş cədvələ görə yuxarı idi. Yəni minimum maaş 800–850 manat idi. Sonradan istifadəyə verilmiş iki diaqnostika mərkəzində alınan əmək haqları digər səhiyyə sektoru ilə eynidir. 150 manat, 200 manat. 700 minə, 800 minə gətirilmiş avadanlıqlar bu gün ayrı-ayrı diaqnostika mərkəzlərində istifadəsiz qalıblar. Niyə? Çünki vətəndaş 150 manata işləmək istəmir. Ona görə mən Sizdən çox xahiş edirəm...
Sədrlik edən. Zahid müəllim, 5 dəqiqə verdik. 10 dəqiqə də sənə kifayət eləmədi. Mən dedim, təkid eləyən iki nəfər qalıb, sonra səsə qoyacağam. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, biz 2014-cü ilin büdcəsini qəbul eləmişik. Həm də indi büdcənin icrası ilə bağlı geniş hesabat verildi. Mən də deputat həmkarlarımdan xahiş edirəm ki, səs verək, bunu qəbul eləyək. Bu, Azərbaycanın iqtisadi inkişafının göstəricisi, Azərbaycanda gedən bütün bu abadlıq, quruculuq işlərinin nəticəsidir. Azərbaycanın bu cür inkişafı, tərəqqisi, Azərbaycanda olan ictimai-siyasi sabitlik, təbii ki, daxildəki bəzi qüvvələr kimi, xaricdə də Azərbaycanı gözü götürməyən qüvvələri narahat edir.
Son dövrlər, Oqtay müəllim, biz mərhələli şəkildə şahidi olmuşuq ki, Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları, ayrı-ayrı deputatları Azərbaycan ilə əlaqədar müxtəlif bəyanatlar verir, qərarlar qəbul eləyirlər. Hətta Sizin də dəfələrlə görüşdüyünüz Avropa Parlamentinin sədri Martin Şults deyirdi ki, bunlara əhəmiyyət verməyin, bunlar hansısa qrupun qəbul etdiyi qərarlardır, apardığı işdir və sair və ilaxir. Artıq Şultsun özünün maskası cırılıb, ortaya çıxmağa başlayıb. Həm Riqa sammitindən öncə, həm də Riqa sammitindən sonra Azərbaycanın əleyhinə, Azərbaycanda olan həqiqətləri göstərmək deyil, erməni lobbisinin təhriki ilə qarayaxma kampaniyasına rəvac verir. Hətta təsəvvür eləyin ki, ayın 12-də Azərbaycanda Avropa Oyunlarının açılış mərasimidir, ayın 10-da isə dünyada görünməmiş bir ad altında Şults bir tədbir keçirir. İdman və insan hüquqları. Təsəvvür edin, ayın 10-da müxtəlif yerlərdən, o cümlədən Azərbaycandan da ona qulluq eləyən adamları dəvət edib bu haqda dinləmələr aparmaq istəyir. İndi görün bu insanın xisləti nədən ibarətdir. Bu tip insanların fəaliyyəti nədən ibarətdir? Budurmu bunların Avropa dəyərləri? Avropanın fundamental dəyərləri kənarda qalıb, Şults ayrı-seçkiliklə, insan hüquqlarına qarşı ədalətsiz mövqe tutmaqla məşğuldur. Riqa sammitində Rusiya ilə bağlı məsələlər müzakirə olunduğu bir dövrdə Şults Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs vermiş Şimali Koreya ilə bir yerdə olan Ermənistanda demokratiyanın çiçək açmasından danışır. Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının, Gömrük İttifaqının üzvüdür, ancaq Ukraynanın ərazi bütövlüyünü tanımır. Ermənistanın parlamentində baş verən hadisələr, insanların güllələnməsi, prezident seçkilərində namizədin birinin güllələnməsi, ikili pasportla səsvermə, bütün bunlar hamısı qalıb qıraqda, Şults Ermənistanda demokratiyanın çiçək açmasından dəm vurur.
İkinci bir tərəfdən, əgər insan hüquqlarının müdafiəçisisənsə, bir milyondan artıq qaçqının hüquqlarını niyə müdafiə etmirsən? Xocalıda qətlə yetirilən insanların hüquqlarını, Xocalı soyqırımını niyə müdafiə etmirsən? Çıx Avropa Parlamentində bu müzakirələri apar, onda sənin ədalətli simanın olmasına bəlkə inandıq. Amma əslində, nə baş verir? İkitərəflilik, ikiüzlülük, satqınçılıq. Azərbaycanda keçirilən hər hansı bir beynəlxalq tədbirə bu boyda parlament təşkilatının sədri bu cür münasibət bildirirsə, bizə elə Avropa dəyəri lazım deyil.
Digər bir tərəfdən o hətta partiya dəyərlərinə də xəyanət edir. Əslində, o, sosial-demokratdır. Sosial-demokratların əsas ideyası sosial ədalət prinsipidir. Sosial ədalət prinsipinin əleyhinə gedir, öz partiyasını da satır, halbuki o partiyanın hesabına neçə ildir Avropa Parlamentinin sədri seçilir. Mən hesab edirəm ki, belə insanlara biz öz mövqeyimizi bildirməliyik. Həmkarlarımız qeyd elədilər, elə o “şults”ların öyrətdiyi adamlardır ki, 30-da mitinq keçirmək istəyirlər, heç bir sosial baza yoxdur, ancaq pul silməklə məşğuldurlar. Onun öyrətdikləridir ki, Azərbaycan haqqında bəyanat verərək çağırışlar edirlər, Avropa Oyunlarına heç kəs gəlməsin. Ətrafına özü kimiləri və bəzi təşkilatları yığacaq və Azərbaycana qarşı növbəti bəyanatın imzalanmasına qol qoyacaq. Budurmu onların ədaləti, budurmu onların demokratiyası?
Mən hesab edirəm ki, Azərbaycan öz yolu ilə düz gedir. Xalq ilə iqtidarın birliyi, Azərbaycan xalqının, Azərbaycan Prezidentinin, onun siyasətinin dəstəklənməsi Respublika günündə Prezidentimizin də qeyd etdiyi kimi göstərdi ki, ən əsas şərt Azərbaycan xalqının maraqlarının bərabərhüquqlu şəkildə müdafiə olunmasıdır. Hər bir dövlətlə qarşılıqlı anlaşma şəklində yaşanmasıdır, bizim böyük qardaşımız, kiçik qardaşımız yoxdur. Biz hər bir beynəlxalq təşkilata, hər bir dövlətə bərabər şəkildə yanaşırıq və bu yol da davam edəcək. O baxımdan Şultsun nə deməyindən asılı olmayaraq, öz simasızlığını göstərməyindən asılı olmayaraq biz öz idman yarışlarımızı yüksək səviyyədə keçirəcəyik. Onlar da baxıb xar olacaqlar, görəcəklər ki, müdafiə elədikləri dövlətlər nə gündədir, Azərbaycanda keçirilən tədbirlər necədir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma Şults deyəndə özümdən asılı olmayaraq “Uzaq sahillərdə” kinosu, oradakı Şults yadıma düşdü. Bu baxışlar var da... Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Oqtay müəllim, mənə söz verdiyiniz üçün çox təşəkkür edirəm. Mən bilirəm, vaxt məhduddur, qısa şəkildə deyəcəyəm. Həqiqətən də bu hesabatla, 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı söz demək artıqdır. Möhtərəm Prezidentimizin dünən yox, srağagün dediyi bir fikir, hesab edirəm, nöqtəsini qoymuş olur: “Dünyada elə bir ölkə yoxdur ki, bu gün Azərbaycan kimi sürətlə inkişaf eləsin, Azərbaycandakı kimi uğurlar qazanılsın.” Biz bu sözlərlə, bu fikirlərlə razıyıq, bu da, əlbəttə, möhtərəm Prezidentimizin əvəzsiz xidməti və onun Azərbaycana olan böyük sevgisinin nəticəsidir.
Mən nə demək istəyirəm? Səhiyyə ilə bağlı qısaca sualım var. Səhiyyə sahəsində, səhiyyə bölməsində bir sıra sahələr üzrə, daha doğrusu, yarımsərlövhələrdə 2013-cü illə 2014-cü ili müqayisə etdikdə xeyli artım var. Amma burada məni narahat edən nədir? 2011–2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı var. Bu gün bilirik ki, vərəm xəstəliyi nə qədər qlobal problemlərdən biridir. Minilliyin inkişaf sammitində bütün ölkələr bununla bağlı hesabat verir. Amma bu hesabatda yazılır ki, 2014-cü ildə ayrılmış vəsait 2013-cü ilə nəzərən 75 faiz azalmışdır. Şəxsən mən Şəmkir rayonundan seçilmişəm, bölgə üzrə Vərəm Əleyhinə Dispanser Şəmkirdə yerləşir, 6 rayona xidmət edir və kifayət qədər də vərəm xəstəsi var. Mən çox xahiş edirəm, Samir müəllim, gələcəkdə bunu nəzərə alın. Dəfələrlə xəstəxananın şəkillərini məktubla Nazirlər Kabinetinə göndərmişəm, hörmətli nazir də mənə bu məsələnin həllində bir millət vəkili kimi dəstək verməyimi xahiş edib. Sadəcə, gələcəkdə, 2015-ci ildə bu məsələni diqqətdə saxlamağınızı xahiş edirəm. İmkan verdiyinizə görə çox sağ olun, Oqtay müəllim.
Sədrlik edən. Çox sağ olun. İndi xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Keçirik növbəti məsələyə. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2015-ci il 15 yanvar tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın təsdiq edilməsi. Buyursun Sevinc Fətəliyeva. Samir müəllim, Siz də çox sağ olun.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti ənənəvi bir hala çevrilib. Azərbaycanla Türkiyə arasında uğurlu iş birliyinin əsasında baş tutan, həm siyasi iradə, həm də sağlam zəmin əsasında qurulan ikitərəfli əməkdaşlıq yüksək səviyyədə keçirilir. Diqqətinizə təqdim olunan sənəddə qarşıya mühüm məsələlər qoyulur və perspektivdə əməkdaşlığın yeni formaları müəyyən edilir.
Bəyanat bir çox bənddən ibarətdir. Burada ilk növbədə əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsinə diqqət yetirilir. Hər iki dövlətin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sənədlərin toxunulmazlığı əsasında həlli, regionda sülhə və sabitliyə zəmin verilməsi vurğulanır. Beynəlxalq və regional sabitliyə, ümumiyyətlə, dünyada sülhün bərqərar olmasına töhfə vermək üçün terrorçuluğun bütün formalarına, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, həmçinin təhlükəsizlik, müdafiə, hərbi və enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə qurulduğu vurğulanır, TANAP və TAP layihələri bunun uğurlu nümunəsi kimi göstərilir. Nəqliyyat sahəsində Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin cari ildə yekunlaşması, Xəzər dənizindən keçən yollar və ümumiyyətlə, mövcud nəqliyyat vasitələrindən daha çox istifadə edilməsi qeyd olunur. 2015-ci ildə Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə əlaqədar anım mərasimlərinin qeyd olunması, müasir dünyada qlobal sülh üçün təsirli mesajların göndərilməsi və tarixdən düşmənçilik üçün deyil, sülh üçün nəticələrin çıxarılması qeyd olunur. Çoxmillətli və çoxmədəniyyətli tarixi təcrübələrə əsaslanaraq mədəniyyətlərarası dialoqa dair, eyni zamanda, islamofobi, irqçilik və digər ayrı-seçkiliyə qarşı fəaliyyətdə birgə səyləri gücləndirmək, ölkələrimiz arasında əməkdaşlıq layihələrində üçüncü ölkələrin, Gürcüstan, İran, Türkmənistanın iştirakını təmin edərək üçtərəfli əməkdaşlıq həyata keçirmək, ümumiyyətlə, təqdim olunan bəyanatın strateji xarakter daşımasını, müxtəlif sahələri əhatə etdiyini və dövlətlərimiz üçün zəruri və faydalı olmasını nəzərə alaraq millət vəkillərindən bu qanun layihəsini dəstəkləmələrini xahiş edirəm. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Sevinc xanim. Əgər çıxış eləmək istəyən yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsi barədədir. Sevinc xanım, buyurun.
S.Fətəliyeva. Hörmətli Ziyafət müəllim və hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında münasibətlər tarixi müstəqilliyin ilk illərindən, yəni 1990-cı illərdən başlayır və zaman keçdikcə inkişaf edir. Mövcud əlaqələr müxtəlif sahələri əhatə edir. Təbii fəlakətlərin törətdiyi zərərlərin aradan qaldırılmasında Azərbaycan dövlətinin böyük dəstəyini qeyd etməliyik. Burada xüsusən Heydər Əliyev Fondunun töhfəsini vurğulamaq lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda qızlar üçün məktəbin tikilməsi, ümumiyyətlə, səhiyyə, sosial və təhsil sahələrində Heydər Əliyev Fondu tərəfindən yardım göstərilməsi böyük əhəmiyyət kəsb edir.
Diqqətinizə təqdim olunan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə əməkdaşlıq üçün yeni imkanlar yaranmasına və münasibətlərin inkişafına yönəldilib. Burada siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik, eləcə də ticarət, enerji, sərmayə, turizm, nəqliyyat, elm və texnologiya, ətraf mühit sahələrində əməkdaşlığın genişlənməsi öz əksini tapır. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Pakistan İslam Respublikası Ermənistan tərəfindən qeyri-qanuni işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilər üzərində Azərbaycan Respublikasının suverenliyinin ən tez bir zamanda bərpa olunmasının əhəmiyyətini vurğulayır. Ekstremizm, separatizm, terrorizm, narkotik maddələrin qeyri-qanuni istehsalı, ticarəti və qaçaqmalçılığı, silah ticarəti və digər transmilli təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın güclənməsi, Pakistan və Azərbaycanın parlamentlərarası əlaqələrinin inkişaf etməsinin təmin olunması, həmçinin mədəniyyət, ali təhsil, gənclər və idman sahələrində əməkdaşlığın genişlənməsi nəzərdə tutulur. Nəzərə almalıyıq ki, təqdim olunan sənəd məzmunlu və həcmlidir, ölkələr arasında ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsinə zəmin yaradır. Həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, nə təklif var? Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Pakistanla bağlı yeni bir sənədimiz var. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli məlumat verəcək. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu sazişin əsas mənası cəza çəkən, məhkum edilmiş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün digər ölkəyə verilməsidir. Artıq hörmətli Sevinc xanım qeyd elədi, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur. Belə bir sazişi qəbul etməklə bu qəbildən olan şəxslər üçün humanitar addım atmış olarıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Çingiz müəllim, yəqin, Siz məlumat verəcəksiniz. Buyurun.
Ç.Əsədullayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Adı çəkilən qanun layihəsinə dair təklif edilir ki, “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında” Sazişin qüvvəsinin dayandırılması barədə Protokol təsdiq edilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Komitə sədri Əli Hüseynli məlumat verir. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bu dəyişikliklər qanun layihəsini Vergi Məcəlləsi ilə uyğunlaşdırmaq məqsədi daşıyır. Belə ki, vergilərlə bağlı olan bütün məsələlər artıq Vergi Məcəlləsində öz əksini tapıb. Ona görə də “Yol hərəkəti haqqında” Qanundan “vergi” sözünün çıxarılması təklif olunur. Texniki məsələdir, səs verməyi xahiş edirəm.
Sədrlik edən. Etibar Hüseynov, buyurun.
E.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən ilk növbədə deputat və jurnalist həmkarlarımı Respublika günü münasibətilə təbrik etmək istəyirəm. Son vaxtlar əhali arasında ciddi narazılığa səbəb olan evakuator xidməti haqqında bir neçə kəlmə danışmaq istərdim. Məlumdur ki, bizim ali qanuna görə Azərbaycan vətəndaşının əmlakı, mülkü toxunulmazdır. Lakin bizdə fəaliyyət göstərən evakuator xidməti insanlara heç bir xəbərdarlıq etmədən, bir çox hallarda ünvan qoymadan əhalinin maşınını götürüb aparır və bu da çox böyük narazılığa səbəb olur. Hətta bir sıra hallarda parlamentdə, televiziya kanallarında da deyilib. İnsanlar hansısa tədbirdən çıxırlar, baxıb görürlər ki, avtomobilləri saxladıqları yerdə yoxdur, bilmirlər, hara getsinlər, kimə müraciət etsinlər. Bəziləri bunların nöqtələrini bilirlər, xaricdən və əyalətdən gələn insanlar isə hara müraciət edəcəklərini bilmirlər və bu proses bəzən çox biabırçı halda yerinə yetirilir. Maşının yiyəsi gələnə qədər maşın çox tələsik götürülür, aparılır və bəzən maşınlar aşır, bir çox hallarda böyürdə duran maşınlar belə sıradan çıxarılır, bu da böyük narahatçılığa səbəb olur.
Dünyanın heç bir demokratik ölkəsində belə biabırçılıq yoxdur. Tez-tez misal gətirdiyimiz Avropa ölkələrində belə hallar olursa, bu ya qeydə alınır, ya da sadə mexanizm bərkidilir, maşının yiyəsi gələndə telefon nömrəsinə zəng edir, cəriməsini ödəyir və maşınını götürüb aparır. Bizdə təxminən bir ay bundan əvvəl bütün televiziya kanallarında göstərildi ki, yol polislərinin maşınlarında xüsusi aparat var. Nəqliyyat vasitəsi qanunsuz yerdə saxlanılıbsa, onun videosunu və şəklini çəkir, birbaşa mərkəzə ötürür. Belə bir imkan olduğu halda evakuatorlar bu biabırçılığı nəyə görə törədirlər. Biz bir çox hallarda xırda məsələ kimi üstündən ötürük, ancaq yanğınla bağlı məsələdə də gördük ki, sonradan böyük faciəylə üzləşəndə bizim diqqətimizi cəlb edir. Mən istəmirəm ki, sonda hər hansı maşın aşıb, başqa maşının içində olan ailəni, uşağı öldürəndən sonra məsələyə diqqət yetirilsin. Bizdə “Yol hərəkəti haqqında” Qanun kifayət qədər aktual qanundur, tez-tez əlavə və dəyişikliklər edilir. İstərdim ki, hörmətli həmkarlarım mənim bu təklifimi də nəzərə alsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa çıxış eləyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Hörmətli deputatlar, hələ ki səsvermə gedir, bizim saat 2-ni göstərir. İmamverdi İsmayılov yazılı surətdə müraciət edib ki, bu iclası tənəffüssüz keçirək. Mən bilən siz də bunu müdafiə edərsiniz. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edirik. Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. İcazə versəniz, 9-cu məsələ olan “Pasportlar haqqında” Qanunla bağlı da məruzə edərəm, çünki onlar bir-biri ilə bağlıdır. Deməli, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna edilən dəyişiklik 2.2-ci maddənin ləğvi ilə bağlıdır. Çünki biz qanunun qüvvəyə minməsi ilə bağlı artıq yeni bir vaxt – 2017-ci ili müəyyən etmişik. Ona görə də mövcud olan qüvvəyə minmə tarixi ləğv olunur.
9-cu məsələ olan “Pasportlar haqqında” Qanunda isə “Ümumvətəndaş pasportu” maddəsində, yəni 4-cü maddədə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” sözləri “Pasportlar haqqında” sözləri ilə əvəz olunur. Yəni artıq qüvvədə olan qanunun adına dəyişiklik edilir. Çox sağ olun.
Sədrlik edən. Oldu. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, 8-ci məsələyə – “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə mü-nasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, biz bir müddət əvvəl “Vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında” Qanuna bir sıra əhəmiyyətli əlavələr etmişdik. Hazırda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər də artıq qüvvədə olan həmin normaların tətbiqi ilə bağlıdır. Amma qısaca deyim, çünki bunlar əhəmiyyət kəsb edir. Belə ki, xatırlayırsınızsa, biz qanunvericiliyimizdə belə bir müddəa qeyd etdik, əgər ölkələrimiz arasında müqavilə mövcuddursa, onda şəxsiyyət vəsiqəsindən də istifadə edərək vətəndaşın ölkəyə getmək və ölkəyə gəlmək hüququ ola bilər.
İkincisi, bu qanunda “müdafiə” sözü artıq “hərbi” sözü ilə əvəz olunur. Çünki əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilən halların siyahısı mövcuddur, onlardan biri də hərbi əməkdaşlıqla bağlıdır. Bir daha vurğulamaq istəyirəm ki, bu müddəalar, əslində, “Vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında” Qanunda öz əksini tapıb. Amma gediş-gəliş Miqrasiya Məcəlləsi ilə tənzimləndiyinə görə Miqrasiya Məcəlləsində də öz əksini tapmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Cinayət Məcəlləsinə edilən dəyişikliklərin əsas məzmunu bundan ibarətdir ki, azyaşlılara qarşı törədilən cinsi xarakterli cinayətlərə görə məsuliyyət fərqləndirilir və daha ciddi cəzalar müəyyən edilir. Eyni zamanda, siz maddələrə fikir versəniz, görərsiniz ki, burada həmçinin valideyn, müəllim, ümumiyyətlə, nəzarəti həyata keçirən digər şəxslər tərəfindən uşaqları əxlaqsız əməllərə, fahişəliyə cəlb etməyə görə xüsusi məsuliyyət və daha ciddi cəzalar müəyyən edilir. Ümumiyyətlə, hesab edirəm ki, bu bizim sosial həyatımız üçün vacibdir. Eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasından ötrü bir vasitədir. Daha doğrusu, hüquqi və inzibati bir vasitədir. Əminəm ki, hörmətli həmkarlarım bu layihəni dəstəkləyəcəklər.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Qanun layihəsi ilə əlaqədar İlyas müəllim çıxış etmək istəyir. Buyurun, İlyas İsmayılov.
İ.İsmayılov. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci, yəni Seksual xarakterli hərəkətlərə məcbur etmə, habelə 152-ci, yəni On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddələrinə təklif olunan dəyişiklikləri, yəni bu maddələrin sanksiyalarından cərimə cəzasının çıxarılmasını tamamilə düzgün sayıram. Belə ki, cəzanın tərbiyəvi əhəmiyyəti tələb edir ki, o ilk növbədə ictimai hüquq düşüncəsini təmin etsin. Bunun üçün cəza mütləq ədalətli olmalı, başqa sözlə, cəza cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətmiş şəxsin təqsirinə uyğun olmalıdır.
Şəxsin ləyaqət və şərəfinin maddi ekvivalenti, ölçüsü yoxdur və ola da bilməz. Odur ki, yuxarıda qeyd etdiyimiz maddələrə görə cərimə cəzası qətiyyən ictimai-hüquqi düşüncənin təmini baxımından yararlı deyildir, çünki cinayətkarın hüquqi düşüncəsində pul ödəməklə cəzadan can qurtarmaq, ədalət mühakiməsini satın almaq təsəvvürü yarada bilər. Qeyd edilən cinayətləri törədən şəxslər zərərçəkmişlərin şərəf və ləyaqətinə qəsd edərək onların yaşadıqları və işlədikləri cəmiyyətdə nüfuzlarına ləkə vurur. Başqalarının onların əxlaqi keyfiyyətlərinə inamını sarsıdır və beləliklə də onlara mənəvi sarsıntı yaşadır. Mənəvi əzabdan başqa bu zərərçəkmişlərə bəzən fiziki ziyan da yetirilir. Zənnimcə, cərimə cəzası zərərçəkmişin təhqir olunmuş ləyaqət hissini daha da dərinləşdirir və onda cinayətkarın cəzasız qalması təsəvvürünü yaradır. Göstərilən maddələrin sanksiyalarında maddi ödənişlə yanaşı, əmək kollektivlərinin nəzarətini, tərbiyə, təhsil vasitələrini özündə birləşdirən islah işləri kimi daha effektli vasitənin də nəzərdə tutulması cərimə cəzasını mənasız edir. Özü də bu cəza növünün tətbiqində maddi ödənişin şərtləri elədir ki, onun ağırlığı cinayətkarın ailəsinə daha az təsir edir və zərərçəkmişin yaşadığı və işlədiyi mühitdə təqsirkarın pulla canını qurtarmaq təsəvvürü yaratmır. 152-ci, 153-cü və 171-ci maddələrə əlavə olunan 152.2, 152.3, 153.1, 153.2, 153.3, 171.2.3 bəndlərini də düzgün sayıram. Bir gözəl deyim var: “Tərbiyəçinin özü tərbiyəli olmalıdır”. Bu o deməkdir ki, göstərilən maddələrdə nəzərdə tutulan əməllər yetkinlik yaşına çatmayana qarşı tərbiyə etmək vəzifəsi daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə məsuliyyət daha da ağır olmalıdır. Göstərilən bəndlərin sanksiyalarında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək, 171.2.3-cü bənddə isə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub. Bu sanksiyalara ancaq bir iradım var, düşünürəm ki, göstərilən maddələrdə nəzərdə tutulan cinayətkar şəxslər bütün hallarda müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməlidirlər. Odur ki, maddələrin sanksiyalarından “və ya edilməməlidir” sözləri çıxarılmalıdır.
Nəhayət, 152-ci maddədə mənim anlamadığım bir qeyd var, orada deyilir: “Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.” Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə cinayət törədilənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. 20.2-ci maddədə sadalanan cinayətlərə görə isə on dörd yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Qanunda belə dəqiq göstəriş olduğu halda göstərilən qeydin heç bir əhəmiyyəti yoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Mən, təbiidir ki, bu qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Amma mən də hörmətli İlyas müəllimə dəstək verərək onu bildirmək istəyirəm ki, bu sahədə olan cinayətlər üçün nəzərdə tutulmuş sanksiyalar gələcəkdə birmənalı şəkildə sərtləşdirilməlidir. Bu böyük bir problemdir, bunu istənilən ölkə yaşayır. Məsələn, Rusiyada neçə ildir, çox böyük mübarizə aparılır ki, bu sahədə cəzalar son dərəcə sərtləşdirilsin. Hörmətli İlyas müəllim maddə-maddə dedi, mən maddə-maddə təkrarlamayacağam. Amma birmənalı şəkildə bir məsələ bu düzəlişlərə salınmalıdır ki, azyaşlılara qarşı seksual xarakterli cinayət törədən insanlar sonradan, yəni cəzalarını çəkəndən sonra heç bir halda ömür boyu yenidən uşaqlarla əlaqədar işlərə ya müəllim, ya tərbiyəçi, ya da digər qisimdə qəbul edilməsinlər. Çünki həm təcrübə göstərir, həm də psixoloqların birmənalı fikridir ki, bu azyaşlılara qarşı seksual zəmində cinayət edən şəxslər cəzalarını çəkəndən sonra, hətta 10–15 ildən sonra, azadlıqda olduqları müəyyən dövrdən sonra da yenidən eyni zəmində cinayət törədirlər. Yəni bu, psixoloqlar tərəfindən təsdiq olunmuş məsələdir. Odur ki, mən təklif edərdim, bunu biz qəbul edək, amma məsələ də qaldıraq ki, azyaşlılara qarşı törədilən bu xarakterli cinayətlər tamamilə yolverilməzdir, cəzalar sərtləşdirilməlidir və bu insanlar uşaqlarla işə heç bir halda buraxılmamalıdır. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, bu deyilən məsələlərə münasibət bildirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.20 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim məlumat verəcək. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Bu məsələ də təxminən oxşar, amma inzibati xətaları əhatə edən bir məsələdir. Bildiyiniz kimi, hələ 2011-ci ildə cənab Prezident tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı növbəti bir sərəncam imzalanmışdı və onun bəndlərindən biri də valideynlərin məsuliyyətinin artırılması ilə bağlı idi. Bizim İnzibati Xətalar Məcəlləsində də bir sıra maddələr mövcuddur ki, onlar uşaqların tərbiyəsinə, valideynlərin məsuliyyətinə həsr olunub. Bu-rada əsas etibarilə cərimə sanksiyalarıdır. Təklif olunur ki, cərimə sanksiyaları artırılsın, amma eyni zamanda, maddələrin dispozisiyasında da yeniliklər var. Təklif olunur ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulsun. Mən bir daha vurğulamaq istəyirəm, baxmayaraq ki, bizim tariximiz, milli-mənəvi dəyərlərimiz valideyn – övlad münasibətləri üçün çox yaxşı bir nümunədir, amma bu cür qanunvericilikdə, xüsusən də inzibati qanunvericilikdə hansısa sanksiyaların mövcud olması, hesab edirəm ki, ümumi işə fayda verəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə bağlı Tahir müəllim Rzayev çıxış etmək istəyir. Buyurun.
T.Rzayev. Çox sağ olun. Mən bir məsələyə münasibət bildirmək istəyirəm. Həqiqətən də, bu gün tərbiyə çox güclü bir vasitədir. Elə bilirəm ki, bu sanksiyalar tətbiq olunur, lakin bunlar gücləndirilməlidir. Digər bir təklifim var ki, gələcəkdə öz uşaqlarını dilinə, dininə, milli-mənəvi dəyərlərinə laqeyd ruhda tərbiyə edən valideynlər haqqında da inzibati tədbirlərin gücləndirilməsi gündəmə gəlsin. Çünki bizə sirr deyil, bu gün elə vəzifəli şəxslər var ki, onlar öz övladlarına Azərbaycan dilində danışmağı qadağan ediblər. Xaricdən dayələr gətirilir və onlar bu uşaqlarla məşğul olurlar. Lakin onlar bu uşaqlara öz tərbiyələrini verirlər. Bu gün Filippindən, Koreyadan, İngiltərədən gətirilən dayələrin verdiyi tərbiyə bizim mənəviyyatımıza zidd olacaq. Ona görə də bu barədə ciddi düşünmək lazımdır. Çünki bizim uşaqlarımız bu gün öz ana dillərini bilmirlərsə, öz dinlərini bilmirlərsə, milli-mənəvi dəyərlərimizə laqeyd ruhda tərbiyə olunurlarsa, layiqli Azərbaycan vətəndaşı olmayacaqlar. Xarici dilləri bilmək lazımdır, bu, hər bir adam üçün lazımdır. Ancaq ana dilini xarici dilə qurban vermək olmaz. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti 13-cü məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cinayət Məcəlləsinə bir maddənin əlavə olunması təklif olunur. Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi və onunla bağlı qeyd. Demək istəyirəm ki, bu maddənin tətbiq zərurəti ilə əlaqədar güclü təsir edən və zəhərli maddələrin siyahısının müəyyən edilməsinə ehtiyac vardır. 240-cı maddəyə bu siyahının qanunla müəyyən edilməsini nəzərdə tutan Qeyd hissəsi əlavə edilir.
Ümumiyyətlə, ölkəmizdə son dövrlərdə həm narkotik vasitələrə, psixotrop maddələrə, həm də onların qanunsuz dövriyyəsinə qarşı hüquq mühafizə orqanları və ictimaiyyət tərəfindən çox ciddi bir mübarizə həyata keçirilir. Amma eyni zamanda, güclü təsir edən və zəhərli maddələrin satışı məqsədi ilə qanunsuz dövriyyəsinin də bir məsuliyyəti olmalıdır. Bu baxımdan mən cənab Prezident tərəfindən Cinayət Məcəlləsinə təklif edilmiş bu əlavəni, bu dəyişikliyi əhəmiyyətli hesab edirəm və əminəm ki, həmkarlarım da buna səs verəcəklər.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
14-cü məsələ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Çingiz Əsədullayev.
Ç.Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklik bu qanunun “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması zərurətindən irəli gəlir. 14-cü maddənin birinci cümləsinin yeni redaksiyasına əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu çox vacib bir düzəlişdir. Bilirsiniz ki, siyasi partiyaların maliyyələşməsi ilə əlaqədar biz “Siyasi partiyalar haqqında” Qanuna əlavə etmişik. Siyasi partiyalar həm dövlət büdcəsindən, həm də özlərinin üzvlük haqqı ianələri ilə bağlı maliyyələşir. Burada şəffaflığın tam təmin olunması üçün siyasi partiyaların ildə bir dəfə öz hesabatlarını audit rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etməsi vacib şərtlərdən biridir. Bu ilk növbədə siyasi partiyaların xaricdən maliyyələşməsi, ayrı-ayrı qanunla qadağan olunan təşkilatların siyasi partiyalara maliyyə ayırması və ən əsası şəffaflığın təmin olunması məsələsini özündə əks etdirəcəkdir.
Mənim təklifim ondan ibarətdir ki, bu qanunun tətbiqi tək dövlət büdcəsindən maliyyə alan partiyalara deyil, bütövlükdə qeydiyyatdan keçmiş siyasi partiyalara şamil olunsun, hər bir siyasi partiya öz maliyyə dövriyyəsi barədə həm ictimaiyyətə, həm də aidiyyəti quruma məlumat versin. O baxımdan gələcəkdə bunun tətbiqi sahəsində də o addımları atmaq lazımdır. Qanun qəbul olunmamışdan qabaq bir sıra partiyalar çox qorxuya düşüblər və artıq onların audit yoxlamalarından bəlli olacaq ki, hansı maliyyə mənbələrindən qaynaqlanırlar. Ona görə də çalışsınlar ki, öz işlərini şəffaf görsünlər. Xaricdəki hansısa sponsorlar tərəfindən, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən hansısa qüvvələr tərəfindən mitinqlər keçirmək adı altında pullar alan siyasi partiyalar artıq hesabatlarını verməlidirlər ki, bu pullar haradan gəlib. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə qanun layihəsi. Buyursun Rüstəm Xəlilov.
R.Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan layihədə 17 rayon üzrə 30 kəndin adı dəyişdirilir. Ölkəmizdə bir rayonun ərazisində bir necə eyni adlı kənd mövcuddur. Bu da məktub alınması, poçt bağlamalarının aidiyyəti üzrə çatdırılması zamanı çaşqınlıq yaradır. Həmin rayonların bir neçəsini misal göstərmək olar. Məsələn, Tərtər rayonunda 4 Qapanlı kəndi mövcuddur, Kəlbəcər rayonunda 3 Alçalı kəndi var. Digər adları sadalanan rayonlarda da bir neçə eyni adlı kəndlər var ki, bu da orada yaşayan insanlara müəyyən çətinliklər yaradır. Ona görə də bu qanun layihəsinin bu gün gəlib gündəliyə çıxması məqsədəmüvafiqdir. Məlumat üçün deyim ki, bu məsələ həm Milli Məclisin Toponimiya komissiyasında, həm də Regional komitədə geniş müzakirə olunub, müsbət rəy verilmişdir. Mən də deputat həmkarlarımdan həmin bu qanun layihəsinə müsbət səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, cənab Sədr. Onu demək istəyirəm ki, rayonların daha geniş tərkibdə təklifləri var idi, Toponimiya komissiyasında ətraflı müzakirə olundu və bir sıra təkliflər geri qaytarıldı. Toponimiya komissiyası hesab etdi ki, bu cür adların dəyişdirilməsi münasib deyil. Mənim bir təklifim var, – komissiyanın üzvü olduğuma görə deyirəm, – bəzən rayonlarda, yerlərdə qərar qəbul edirlər, göndərirlər, uyğunsuzluq yaranır və ondan sonra qərar Prezidentin İcra Aparatına gedir, sonra bizim Toponimiya komissiyasına gəlir, bir də təzədən dala qayıdır. Uzun vaxt keçir. Yaxşı olardı ki, biz ya qanunda dəyişiklik edək, ya da rayonlara bir məktub göndərək ki, özləri qərar qəbul etməmiş ilkin təkliflərini Toponimiya komissiyasına göndərsinlər. İlkin təkliflərə baxılıb rəy veriləndən sonra təzədən qərar şəklində gəlsin. Bu daha yaxşı olardı.
Eyni zamanda, Oqtay müəllim, mən Gəncə ilə bağlı bir informasiya vermək istəyirəm. Burada Sabir Rüstəmxanlı çox populist və populist olduğu qədər də mənasız çıxış etdi. Mən ona izahat vermək istəyirəm ki, ümumiyyətlə, Məmməd Əmin Rəsulzadə ilə bağlı dediyi fikirlərin heç bir əsası yoxdur. Düzdür, o, çoxdan qoyulmuş keyfiyyətsiz bir büstdür və başına da çuval keçirilməyib. Sadəcə, o parkda təmir getdiyinə görə, uzun illərdir, bağlanıb qalıb orada. Park təmirsiz bir vəziyyətdədir. Parkın da Gəncə Şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O park da, o büst də Nəqliyyat Nazirliyinin balansındadır. Sabir Rüstəmxanlının da əgər Məmməd Əminə ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, getsin, bir yerdə əl-ələ versinlər, o büstü də düzəltsinlər, o parkı da düzəltsinlər. Gəncədə İstiqlal parkı var, gözəl və abad parkdır. Orada hamının xatirəsi yad olunur. Sabir Rüstəmxanlı istədiyi vaxt gedib orada gəzib baxa bilər, ümumiyyətlə, bizim bəzi müxalifətçi, yarımmüxalifətçi insanların öz kölgələri yoxdur, vaxtaşırı kiminsə kölgəsinə qısınmaq və populyarlaşmaq istəyirlər. Hesab edirəm, belə şeylərə ehtiyac yoxdur. Düzdür, yoldaşıq, amma Sabir Rüstəmxanlı Gəncənin deputatlarına yaxınlaşıb soruşa bilərdi ki, orada vəziyyət nə yerdədir? Bundan sonra bu hay-küyü qaldırardı. Belə hesab edirəm ki, stəkanda fırtına qaldırmağa ehtiyac yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ ol. Yaxşı dedin, amma hərdən özün də bir az səhv edirsən. Deyirsən, kim kiminlə nədir. Bu söhbətləri sən də qoy kənara, sənə yaraşmaz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onun səviyyəsini gördük, mən də cavabını verdim. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, səs verəcəyəm. Ancaq bir məsələyə – bu adların dəyişdirilməsinə toxunmaq istəyirəm. Düzdür, bəzi köhnə adlar var ki, sonradan qoyulub, qədim adı silinib gedib. Nə bilim, təzə kənd yaradılıb, yaxud da adam adları qoyulub. Kimsə vəzifədə olub atasının adını qoyub. Bu adların qaytarılmasını çox doğru qiymətləndirirəm.
Başqa bir məsələyə toxunmaq istəyirəm, Oqtay müəllim. Dünyada 5 Bayat kəndi var, Azərbaycanda da Bayat kəndləri var. Dünyada olan 5 Bayat kəndinin bir Ağcabədidəki Bayat kəndidir. O həm qədimliyinə görə, həm də böyüklüyünə görə fərqlənir. Eyni zamanda, Türkiyədə, İraqda, İranda da Bayat kəndi var. Türkmənistanda da var, Türkmənistandakının adı Boyatdır. Eləcə Ağcabədidəkinin də adı Boyatdır. Ucarda da Boyat kəndi var, o da Boyat yazılır. Qubada Fincan Boyat var. Məsələ ondadır ki, Bayat ən qədim Oğuz tayfalarından biridir, Bayat böyük bir eldir, Pəri xanımın elidir, Füzulinin elidir, Dədə Qorqudun elidir. Bu kəndin adı Bayatdır. Ağcabədidən bunu sənədləşdirib göndərə bilərik. 5 rayonda müxtəlif Bayat kəndləri var. Bayat adını ruslar götürüb “boyat” yazıblar, boyat köhnə deməkdir, bilirik. Amma Bayat böyük bir tayfanın adıdır, böyük bir elin adıdır, böyük şəxsiyyətlərdən Bayat Abbasın adıdır, Pənah xanın vətənidir və sair.
Sözüm ondadır ki, Oqtay müəllim, Azərbaycanda 5 dənə Boyat kəndi var. Şamaxıda, Ucarda, Qubada var, Ağcabədidəki ən qədimidir. Bu kəndlərə “Bayat” adının qaytarılması məsələsi qaldırılmalıdır. Türkmənistanda özləri bilərlər. Amma Azərbaycanda bu məsələyə baxılmalıdır, bunu Sizdən xahiş edirəm. Komitədən də xahiş edirəm ki, “Bayat” adını yenidən qaytarsınlar və xalq da bilsin ki, bu, Bayat elindəndir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bayaq Musa müəllim çox gözəl bir təklif verdi ki, kəndlərin, rayonların adları dəyişdiriləndə qərardan qabaq Toponimiya komissiyası işləsin. Biz bir daha bu məsələnin üstünə gələrik. Onda belə məsələlərin sayı az olar. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də bu qanun layihəsinə, təbiidir ki, artıq gəlib bu mərhələyə çatıb, səs verəcəyəm. Amma mən bu barədə öz fikirlərimi bildirmək istərdim. Hamımız bilirik ki, tarixdə Azərbaycanın milli türk toponimlərinə qarşı çox soyqırımı olub, xüsusən də bədnam qonşularımız tərəfindən. Bu gün Ermənistanda tarixi türk–Azərbaycan mənşəli toponimlər qalmayıbdır. Odur ki, biz özümüz toponimlərimizi dəyişdirəndə düşünürəm ki, bu məsələyə çox diqqətlə yanaşmalıyıq. İstənilən ərazinin toponimikası onun etnik və tarixi-mədəni özünə-məxsusluğu ilə bağlıdır, millətin etnik və qan yaddaşının daşıyıcısıdır, həmin o toponimin qədimliyinin göstəricisidir. Odur ki, yer adlarının dəyişdirilməsinə çox diqqətlə yanaşmalıyıq, bu məsələdə çox həssas olmalıyıq. Bu toponimlərin dəyişdirilməsinə yalnız çox əsaslı səbəb olanda getməliyik. Məsələn, həmin dəyişdirilən toponim leksik, ya semantik baxımdan milli Azərbaycan ənənəsinə cavab verməyəndə.
Digər hallarda, məsələn, yerli əhali yığıldı, belə bir fikrə gəldi, məktub yazdı. Bilirsiniz, bəzən onlar həmin o kəndin adının etimologiyasını tam tuta bilmirlər. Burada mütləq mütəxəssislər, dilçilər, tarixçilər iştirak etməli və ümumi fikrə gəlməlidirlər. Məsələn, mən burada təklif olunan adlardan bir-ikisini çəkim. Misal üçün, Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılsın. Tirkeşəvənd, ola bilər ki, Türkəşəvənddir, yəni zaman axarında “ü” hərfi “i” ilə dəyişib. Kənd camaatı da kifayət qədər bilmədiyinə görə elə ənənə yaranıb, Tirkeşəvənd deyiblər. Burada mütləq mütəxəssis baxmalıdır, əgər bu, Türkəşəvənddirsə, bunu heç bir halda dəyişmək olmaz. Yəni bu, həmin yerlərin tarixən türklərə məxsus olduğunun göstəricisidir. Biz belə dəyişikliklərə getməməliyik.
Yaxud da burada təklif olunur, Qaragüney kəndi Tağılar kəndi adlandırılsın. Qara türk dillərində böyük deməkdir, yəni Qaragüney böyük güney deməkdir. Ola bilər, kənd əhalisi bu mənanı bilmir, Qaragüneyin başqa sözlə tələffüz yaxınlığını nəzərə alaraq başqa mənada qavrayırlar. Ona görə də Qaragüneyi Tağılar ilə əvəzləyirlər. Mən hesab edirəm ki, bu məsələlərdə çox diqqətli olmalıyıq.
Sonra, İlxıçı kəndi Məmmədxanlı kəndi adlandırılsın. İlxıçının nəyi pis ola bilər? Yəni tarixən burada türklərin yaşadığını və onların ilxıçılıqla məşğul olduqlarını göstərir. Belə dəyişikliklərə getmək olmaz. Yaxud Arabaçı kəndi Çiçəkli kəndi ilə əvəz olunur. Hər bir kənd çiçəkli ola bilər. Amma tarixən burada bəlkə arabaçılar yaşayıb. Yəni bu dəyişikliklər mütləq mütəxəssislərin iştirakı ilə nəzərdən keçirilməlidir.
Bir də Oqtay müəllim, mənim bir təklifim var. Toponimiya komissiyası yığılanda mən xahiş edərdim ki, Məclisdə təmsil olunan və bu məsələyə aidiyyəti olan millət vəkilləri – dilçidirlər, filoloqdurlar, tarixçidirlər, onlar da iştirak etsinlər. Yəni biz də o komissiyanın iclasında fikrimizi deyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.41 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. 16-cı məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Rüstəm Xəlilov.
R.Xəlilov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Yadınıza salmaq istəyirəm ki, Milli Məclisin payız sessiyasında Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik olmuşdu. Yəni Culfa rayonunun inzibati ərazi dairəsindən min hektar sahə ayrılıb Babək rayonuna verilmişdi. Onunla bağlı həmin Culfa rayonunun ərazisində olan Göynük, Nəhəcir kənd inzibati ərazi dairələri Babək rayonuna keçmişdir. Orada bələdiyyələrin siyahısında qismən dəyişiklik oldu. Həmin Nəhəcir və Göynük kəndləri Babək rayonunun siyahısına daxil olduğuna görə bu qanun layihəsi sizin müzakirənizə verilib. Xahiş edirəm, müsbət rəy bildirəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bir məsələ barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Yəqin, Arif müəllim gələndə komitədə də baxacağıq. Cənab Prezident çıxışında bələdiyyələrlə əlaqədar olaraq öz iradlarını bildirdi. Həqiqətən, diqqətlə baxanda bələdiyyələrin sayı həddindən artıq çoxdur, gücləri isə azdır. Biz bir çox yerlərdə, – bir çox təşkilatlarla bəlkə uyğunluğu da yoxdur, – zamanla təşkilat da yaradırıq, gücləndiririk. Bələdiyyələr haqqında fikirləşmək lazımdır ki, kiçik bir kənddə bir bələdiyyə var, biz saylarını azaldırıq, amma bunların güclərini, işini artıra bilmirik. Bələdiyyə yaranıbsa, biz tərəfdən də buna bir dəstək olmalıdır. Onların bir işi olmalıdır. Yəqin, gələcəkdə bu məsələyə baxa biləcəyik. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.44 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
17-ci məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun hörmətli Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu qanun layihəsində 21.1.5-ci maddədəki dəyişiklikdən söhbət gedir. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, burada xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində təhsil almaqdan söhbət gedir. Bu zərurət nədən doğub? Bu zərurət, sözsüz ki, çağırışa möhlət verilməsi sahəsində nəzarətin gücləndirilməsi ilə bağlıdır. Çünki bəzən etiraf etmək lazımdır ki, elə olur, gənclər gedirlər, xaricdə müəyyən təhsil ocaqlarında təhsil alırlar, diplom alırlar, amma sonradan o diplomların təsdiqi məsələsinə gələndə müvafiq icra hakimiyyəti orqanında məlum olur ki, belə bir ali təhsil müəssisəsinin ya adı var, özü yoxdur, ya varsa, çox zəif bir ali məktəbdir, ya da ümumiyyətlə, uşaq heç həmin məktəbə getməyibdir. Bu da, sözsüz ki, hərbi xidmətə çağırış məsələsində müəyyən problemlər yaradır. Ona görə bu nəzarətin gücləndirilməsi üçün belə bir dəyişikliyin edilməsi zərurəti meydana çıxıb. Bu baxımdan sizi bu qanun layihəsinə dəstək verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, hörmətli Ziyafət müəllimin verdiyi izahat kifayət qədər məntiqlidir. Mən onu dəstəkləyirəm. Bütövlükdə magistraturada, bilirsiniz ki, möhlət hüququnun verilməsi davamlı şəkildə müzakirə olunubdur. Elmi potensialın gücləndirilməsi ilə bağlı ən müxtəlif ləvazimatlar gətirilibdir. Əlbəttə, bizim müdafiə gücümüz də nəzərə alınmalıdır, bu addımlar fayda gətirməlidir. Elə olmalıdır ki, biri digərinə problem yaratmasın. Amma mənim burada sualım nədən ibarətdir? Bilirsiniz ki, Elm haqqında qanun layihəsini müzakirəyə çıxarmışıq.
Hörmətli Ziyafət müəllim, Elm haqqında qanun layihəsinin 7.9-cu maddəsində bütövlükdə təhsilin davamını təmin etmək üçün magistraturadan möhlət hüququ verilir. Gələcəkdə bu məsələyə diqqət ayırmağımız lazımdır. Çünki indiki qanuna biz, təbii ki, bu təklifdə səs verəcəyik, amma layihəyə gələndə bu müddəaya xüsusilə diqqət ayırmaq lazımdır. Çünki burada bütövlükdə hər kəs hazırda müzakirə olunan qanun layihəsinin verdiyi imkanlar çərçivəsində təhsilini davam etdirmək üçün möhlət hüququ əldə edə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsini hələ birinci oxunuşdan keçirmişik. Oxunuşlar hələ var, onlara baxacağıq. Bu məsələdən çox danışılır. Mən bu haqda heç nə demək istəməzdim. Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Dünyada vəziyyət gündən-günə dəyişir. Mən bu möhlət məsələsində özümüzü başqa ölkələrlə bərabər eləmək istəməzdim. Bəzi ölkələrdə hərbi vəziyyət olanda, Allah onu bizə göstərməsin, xanımları da hərbi qulluğa çağırırlar. Ancaq biz hərbi vəziyyətdə ola-ola çalışırıq ki, möhlət hüququ verək. Bu möhlət hüququnu verməklə Ziyafət müəllim axıra kimi demədi, 5 minə yaxın tələbə belə lazımsız diplomlarla, təhsillə məşğuldur. İndi görün, bu birilərə də möhlət versək, nə olacaq. Bir az bu məsələlərdə diqqətli olmalıyıq. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.48 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Nəhayət, yaz sessiyasında gündəliyin son məsələsi “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Çingiz Əsədullayev.
Ç.Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər dedikdə qeyri-müntəzəm sərnişin daşımalarının xüsusiyyətləri, onlara dair tələblər, bunun üçün xüsusi razılıq, lisenziyanın tələb olunması, dövlət rüsumunun ödənilməsi və bəzi müddəaların təkmilləşdirilməsi ilə bağlı məsələlər qeyd olunur. Qanun layihəsi ölkədə avtomobil nəqliyyatı sisteminin inkişaf etdirilməsi, bu nəqliyyat növü ilə sərnişin və yük daşımaları xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə hazırlanmışdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, qanun layihəsini dəstəkləyəcəyik. Sadəcə, bir neçə iclas bundan öncə bu məsələ burada qaldırılmışdı. Bu, şəhərarası nəqliyyat ilə bağlı olan problemlərlə əlaqədardır. Yəni bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması, sürücülərin vaxtlı-vaxtında istirahət eləməsi və sairlə bağlı məsələlər var. Təəssüflər olsun ki, bu günə qədər buna riayət olunmur və əksər hadisələr, xüsusən də şəhərarası nəqliyyatla bağlı hadisələr məhz buna görə baş verir. Mən çox xahiş edərdim ki, bizim bu qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı müəyyən addımlar atılsın. Yəni bu birbaşa insanın həyatı, fəaliyyəti ilə bağlı olan məsələdir və çox yaxşı olardı ki, biz gələcəkdə bunun üstündə duraq. Eyni zamanda, Bakı şəhərində sərnişindaşıma ilə bağlı problemlər var. İndi burada qeyd olunub ki, avtobuslar xüsusi dayanacaqlarda dayanmalıdır, xüsusi yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bu gün bir çox yerlərdə, xüsusən də mərkəzdə bu çox böyük problemdir. Düzdür, indi biz Avropa Oyunlarına hazırlaşırıq. Müəyyən təmizləmə işləri görmüşük. Amma ümumiyyətlə, bu sahədə mən düşünürəm ki, qanunvericilik təşəbbüskarı olaraq biz bu məsələni gündəmdə saxlamalıyıq, çünki birbaşa hadisələrin əksəriyyəti məhz bundan qaynaqlanır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim bir təklifim var. Bu xarici ölkələrdəki şəhərlərarası avtobuslardan, sərnişindaşımadan danışmaq istəyirəm. Bu avtobuslara xüsusi aparat qoyublar. Avtobus saatda 100-ü keçərsə, lap 101 olarsa, həmin aparat qeydə alır. Yollarda saxlayıb yoxlayırlar ki, bu sərnişin avtobusu 100-ü keçib, yoxsa keçməyib. Keçibsə, çox ağır cəza alır. İndi bizdə də Allaha şükür, yollarımız kukla kimi, 160 sürmə imkanımız var. Təbii ki, hər yerdə də radar yoxdur. Biz balaca maşınla 100–110 sürətlə gəldiyimiz yerdə bir də görürsən ki, bir sərnişin avtobusu gəldi, səni elə bir sürətlə keçdi ki, yeli səni titrətdi. Qəzaların törədilməsində əsas səbəblərdən biri də yüksək sürətdir. Ona görə mən təklif edirəm ki, bizim Dövlət Yol Polisi və ya Nəqliyyat Nazirliyi, ya da elə ikisi bir yerdə bu işi həll eləsin. Xaricdə, elə qardaş Türkiyədə olan üsulu tətbiq eləsinlər ki, sərnişin daşıyan hər hansı bir avtobus saatda 100 həddini keçərsə, həmin yol magistral olsa belə və avtobandakı kimi 120–130 yazılsa belə, 100-ü keçərsə, ağır cəzalandırılsın. Nəticədə görün, nə qədər qəzanın sayı aşağı düşəcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. 100-ü keçərsə yox, ona elə bir sədd qoyurlar ki, 100-dən yuxarı qalxmır. Yəni bir çox ölkələrdə bu var. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.53 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun. Gündəliyin son məsələsini bitirdik.
Hörmətli deputatlar, bu gün Milli Məclisin yaz sessiyasının yekun iclasıdır. Görülmüş işlər barəsində onu söyləyə bilərik ki, bu sessiya ərzində səmərəli işlədik. Keçirilmiş 10 iclasda 134 qanun və qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş, parlamentin beynəlxalq əlaqələrinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Sessiya ərzində təqribən 165 nəfərdən ibarət 70-ə qədər nümayəndə heyəti 30 ölkədə səfərdə olmuşdur. Bu səfərlər zamanı həmin ölkələrdə, beynəlxalq təşkilatlarda işlər aparmışlar, o cümlədən millət vəkillərimiz Qazaxıstanda keçirilən prezident seçkilərində, Tacikistanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etmişlər.
Bu sessiyada 35-ə qədər xarici dövlətin və beynəlxalq təşkilatın təqribən 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti Milli Məclis tərəfindən qəbul edilmişdir.
Beləliklə, hesab eləyirəm ki, Milli Məclis 2015-ci ilin birinci yarısını uğurla başa çatdırır. Bununla əlaqədar olaraq mən bütün millət vəkillərinə bir yerdə işlədiyimizə görə öz dərin təşəkkürümü bildirirəm. Söylədiyim kimi, bu gün son iclasdır, ona görə Milli Məclisin yaz sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Çox sağ olun. Qarşıdan Avropa Oyunları gəlir, hamımıza, bütün idmançılarımıza uğurlar arzulayırıq. Yəqin, bəzi məsələlər olduqda o barədə arada Təlatüm müəllim sizə xəbər verəcək.
EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ
29 may 2015-ci il
_____________________
İlyas İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Bizə təqdim olunan Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd olunur ki, keçən il dövlət büdcəsinin gəlirləri 18 milyard 401 milyon manat, xərcləri isə 18 milyard 709 milyon manat olub. Beləliklə, büdcədə 308 milyon manatlıq kəsir yaranıb. Bununla yanaşı, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı 6,2 milyard manat təşkil edib. Bu da 2013-cü illə müqayisədə 19,3 faiz çoxdur.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 4,3 milyard manatı və yaxud 60,5 faizi qeyri-neft sektorunun, 2,8 milyard manatı və yaxud 39,5 faizi neft-qaz sektorunun payına düşür. 2013-cü illə müqayisədə neft-qaz sektorundan daxilolmalarda 2,9 milyard manat azalma müşahidə edilir, bu da, yəqin ki, neftin ötən ilin təxminən ortalarında başlayan kəskin qiymət azalması ilə bağlıdır.
Büdcənin icrasına dair rəqəmlər aydın şəkildə göstərir ki, büdcə proqnozu ilə müqayisədə bəzi sahələrə yönələn vəsaitlərdə azalma mövcuddur. Məsələn, təhsil sektoru üzrə proqnoza qarşı azalma təqribən 100 milyon manatdır, səhiyyə xərcləri üzrə icra 665,3 milyon manat və ya proqnoza qarşı təqribən 60,3 milyon manat az olub. Sosial xərclərdə xeyli ixtisarlar aparılsa da, investisiya xərclərinə toxunulmayıb. 2014-cü il dövlət büdcəsində bu məqsədlərə proqnozlaşdırılan vəsaitin hamısı, yəni 6,2 milyard manatı istifadə olunub. Hesab edirəm ki, bu təcrübəni, yəni investisiya xərclərinə toxunmadan digər sahələrə ayrılan vəsaitləri azaltmaq ənənəsini dayandırmaq lazımdır.
Cari ilin göstəricilərinə nəzər yetirsək, ilin birinci rübü ərzində dövlət büdcəsinə mədaxil 3 milyard 938,8 milyon manat, xərclər isə 4 milyard 198,8 milyon manat təşkil edib, yəni 251,0 milyon manat kəsir yaranıb. Mənə elə gəlir ki, Avropa Oyunlarından sonra hökumət bu kəsiri məhz infrastruktur layihələrinin maliyyələşməsini azaltmaq vasitəsilə aradan qaldıracaq və zənnimcə, bu, doğru yoldur. Ələlxüsus, onu nəzərə alaq ki, bu vəsaitlərin böyük hissəsi korrupsiya nəticəsində talanaraq qoyulan hədəfdən yan ötürdü, son hadisələr bunu tamamilə təsdiq edir. Bu amil nəzərə alsaq, hətta infrastruktur layihələrinin fiziki həcmini çox azaltmadan cari ilin büdcəsində investisiya xərclərinin mümkün qədər azaldılmasına nail olmaqla yanaşı, ölkədə biznes mühitini sağlamlaşdıraraq qeyri-neft sektoruna yatırılan büdcədənkənar yerli və daha çox xarici investtisiyaların artımına şərait yaradılmasında böyük işlər görə bilərik.
Son beş ayda dövlət tərəfindən müsbət, hətta deyərdim ki, alqışlanası addımlar atılmaqdadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun, ümumiyyətlə, iqtisadi potensialımızın artmasına mane olan əsas amillərdən ən təsirliləri – korrupsiya əməllərinin, ölkənin iqtisadi sistemində inhisarçı şirkətlərin və qrupların kiçik və orta biznesin inkişafına maneçilik törətməsinin artıq dözülməz həddə çatdığını qeyd edərək, bu neqativ halların aradan qaldırılmasına dair ciddi addımlar atır və bu da gələcəyə inamla baxmağa zəmin yaradır.
Düşünürəm ki, atılan addımlar gələcəkdə də indiki əzmkarlıqla davam etdirilərsə, bu, qısa zamanda qeyri-neft sektorunun gur inkişafına, ölkənin ixrac potensialının artmasına və korrupsiyanın azalmasına güclü təkan verəcək. Son nəticədə isə Azərbaycan xalqı, Azərbaycan vətəndaşı qazanmış olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Səttar Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunmuş materialların təhlili bir daha göstərir ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət əsas etibarı ilə iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaratmış, makroiqtisadi tarazlıq təmin edilmiş, inflyasiya aşağı səviyyədə saxlanılmış, əhalinin rifah halı yaxşılaşdırılmışdır. Qeyd olunan müsbət nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında yenə də öz əksini tapmışdır.
Təqdim olunmuş sənədlərə əsasən 2014-cü ildə Azərbaycanda 59,0 milyard manatlıq və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ÜDM istehsal olunmuşdur. Ötən ildə iqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyəri 7,0 faiz artaraq ÜDM-də xüsusi çəkisi 61,0 faizədək yüksəlmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 6264,1 manat təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 1,5 faiz çoxdur.
2014-cü ildə əhalinin gəlirləri 4,8 faiz artaraq 39,4 milyard manata çatmış, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4180,5 manat və yaxud ayda orta hesabla 348,4 manat təşkil etmişdir.
Hesabat ilində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitlər 17,6 milyard manat təşkil etmiş, onların 72,3 faizi və yaxud 12,7 milyard manatı daxili mənbələr hesabına təmin edilmişdir ki, bunun 63,4 faizi və yaxud 8,1 milyard manatı dövlət sektorunun payına düşmüşdür. İl ərzində ölkənin valyuta ehtiyatları 2014-cü ilin sonunda 49,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da xarici dövlət borcundan təqribən 6 dəfə çoxdur.
Yuxarıda qeyd olunanlarla yanaşı, müzakirə olunan məsələ ilə əlaqədar bəzi fikirləri diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirəm.
1. 2014-cü ildə dövlət büdcəsimin gəlirləri ÜDM-in 31,2 faizini təşkil etməklə mütləq ifadədə 18,4 milyard manata, xərclər isə müvafiq olaraq 31,7 faizə və 18,7 milyard manata bərabər olmuşdur. Qeyd etmək lazımdır ki, baxmayaraq, ÜDM-in istehsalı artmışdır, 2013-cü illə müqayisədə hər iki göstərici üzrə geriləmə müşahidə olunur. O da nəzərə alınmalıdır ki, inkişaf etmiş ölkələrdə yuxarıda göstərilən nisbətlər 50–60 faiz, Rusiyada isə 50 faizdən çox təşkil edir. Hesab edirəm ki, yaranmış vəziyyəti yaxın vaxtlarda yaxşılaşdırmaq üçün hökumət əlavə tədbirlər hazırlamalı və həyata keçirməlidir.
2. Məlum olduğu kimi, əməyin ödənilməsi ilə bağlı məsələlər həmkarlar ittifaqlarının daim diqqət mərkəzindədir. Bu sahədə mövcud problemlərin həll olunması istiqamətində möhtərəm Prezidentimizin də səyləri az deyil. Müzakirələrimizə təqdim olunan sənədlərə əsasən ötən il orta aylıq əmək haqqı 4,5 faiz artaraq 444,3 manat təşkil etmişdir.
Lakin təhlillər göstərir ki, bu məsələdə çatışmazlıqlar çoxdur. Dövlət və özəl sektorda orta aylıq əmək haqqı səviyyəsində yaranmış qeyri-mütənasiblik narahatlıq doğurur. Belə ki, 5 il əvvəl qeyri-dövlət sektorunda orta aylıq əmək haqqı dövlət sektorunda mövcud analoji göstəricidən 35,6 faiz yüksək olmuşdursa, ötən il bu nisbət 1,6 dəfə təşkil etmişdir.
Son bir neçə il ərzində qadınların əmək haqları kişilərin maaşlarına nisbətən 54,8 faizdən 47,5 faizədək azalmışdır ki, bu da gender bərabərliyi baxımından mənfi dinamikadır. Statistik orqanlarda aparılan təhlillərin nəticələrinə əsasən Azərbaycanda əmək haqlarında təbəqələşmə amili hələ də yüksək olaraq qalmaqdadır. Beynəlxalq təşkilatlarda həyata keçirilən hesablamalara görə ölkəmizdə işçilərin təqribən 80 faizi respublika üzrə orta əmək haqqından az maaş alırlar. Belə vəziyyət ölkədən miqrasiya edənlərin sayının artmasına səbəb olur.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, ümumiyyətlə, elə bir vəziyyət yaranmışdır ki, iqtisadiyyatda əldə olunmuş uğurlu inkişaf işçilərin çoxuna dividendlər gətirmir. Əməyin ödənilməsi sahəsində mövcud siyasət milli məhsulun əmək və kapital arasında ədalətsiz bölüşdürülməsinə gətirib çıxarır. Beynəlxalq təşkilatların məlumatına görə Azərbaycanda ÜDM-nin əmək haqqı tutumu 1991-ci ildən təxminən 40 faiz azalmış, hazırda 20 faiz belə təşkil etmir. Əməyin ödənilməsində sadalanan problemlərn əksəriyyətini minimum əmək haqqını beynəlxalq standartlara uyğunlaşdırmaqla həll etmək mümkündür. Xatırlatmaq yerinə düşərdi ki, Avropa Sosial Xartiyasının dördüncü maddəsinə görə minimum əmək haqqının və yaşayış minimumunun məbləğləri ölkə üzrə orta aylıq əmək haqqının müvafiq olaraq 60 və 50 faizindən aşağı olmamalıdır. Əfsuslar olsun ki, bu sənədin tərəfimizdən ratifikasiyasından on ildən çox müddətin keçməsinə baxmayaraq, qeyd olunan öhdəliyin icrasında ləngimə müşahidə olunur. Bu da beynəlxalq təşkilatın mənfi rəyinə səbəb olur.
3. Təcrübə göstərir ki, sosial tərəfdaşlığı gücləndirməklə hər hansı problemi daha asanlıqla həll etmək mümkündür. Bununla əlaqədar AHİK-də sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılmasına dair bütün sənədlər hazırlanaraq hökumətə təqdim edilmişdir. Bizim sosial tərəfdaşımız olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlavə tədbirlər görərək bu sənədləri tam hazır vəziyyətə gətirmişdir. Ümidvaram ki, yaxın vaxtlarda Nazirlər Kabineti adı çəkilən komissiyanın təsis edilməsi barədə müvafiq qərarın qəbul edilməsini təmin edəcəkdir. Beləliklə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım üzrə Çərçivə Sənədinin (2011–2015-ci illər)” müvafiq öhdəliyi icra edilmiş olar.
Yuxarıda qeyd olunan mülahizələri bildirməklə əminəm ki, onların nəzərə alınması ümumi işin xeyrinə olardı. Diqqətinizə görə təşəkkür edirəm.