15.11.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 30
Mill Məclisin iclas salonu.
15 noyabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 89 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
N. Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
F. Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
X. Rəhmanov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
İ. İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi.
* * *
N. Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.
* * *
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə, “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikası qanunlarının layihələri, habelə Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarlarının layihələri müzakirə edilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
15 noyabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Gündəliyin müzakirəsini davam etdiririk. Növbəti məsələ “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18-19-cu maddələrində dəyişikliklər edilməsi tövsiyə olunmuşdur. 18.4-cü maddə aşağıdakı redaksiyada verilir: “Zərurət yarandıqda təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında dəyişikliklər edilə bilər”. Vaxtilə “Büdcə sistemi haqqında” Qanunda müəyyən edilmişdi ki, bu funksiyanı Nazirlər Kabineti və Maliyyə Nazirliyi həyata keçirə bilər. Yeni qanun layihəsində tövsiyə olunur ki, bu, yalnız bir orqan tərəfindən həyata keçirilsin.
19.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilir: “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilər. Sərbəst qalığın idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xarici valyuta ilə ödənilməsi nəzərdə tutulan dövlət büdcəsi xərclərinin xarici valyutada daxil olan dövlət büdcəsinin gəlirləri hesabına konvertasiya edilmədən həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır”.
Təklif olunur ki, 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin: “İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin cari ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür”.
Sonra, 19.6-cı maddənin aşağıdakı redaksiyada verilməsi təklif edilir: “Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər”.
Oqtay müəllim, məlumat üçün bildirim ki, bu məsələ İqtisadi siyasət daimi komissiyasında Maliyyə Nazirliyinin və müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə müzakirə edilmiş və onun Milli Məclisin müzakirəsinə verilməsi qərara alınmışdır. Millət vəkillərini bu dəyişikliklərə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nəzərinizə çatdırıram ki, büdcə zərfinə daxil olan məsələlər birlikdə səsə qoyulacaqdır. Bir də deyirəm ki, verilən təkliflərə hökumət tərəfindən baxılandan və cənab Prezident ilə müzakirə olunandan sonra yenidən Milli Məclisdə baxılacaq, sonra isə səsvermə keçiriləcəkdir.
Hörmətli deputatlar, təklif var ki, reqlament 5 dəqiqə olsun. Xahiş edirəm, bu təklifə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 3
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişikliklər edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu dəyişikliklər “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 72-73-cü maddələrini əhatə edir. Burada “minimum aylıq əmək haqqının 2 misli” sözləri konkret manatla, mütləq rəqəmlə əvəz edilir. Yəni “minimum aylıq əmək haqqının 2 misli” sözləri “60 manat”la, eləcə də digər rəqəmlər müxtəlif manatla əvəz edilir. Burada yalnız bir cümlə dəyişilir. Bu məsələ komissiyada müzakirə olunub. Təklif edirəm, səsə qoyasınız.
Sədrlik edən. Sağ olun. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyin növbəti məsələsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədədir.
Hörmətli millət vəkilləri, əsas büdcə zərfini müzakirə eləmişik. Müzakirədə 124 nəfərdən yuxarı millət vəkili iştirak eləyib. İndi dəyişiklikləri müzakirə edirik, ona görə dəyişiklikləri əsas kimi qəbul eləyək.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 2 dəyişiklik edilməsi təklif olunur. Bunlar 8-ci maddə ilə bağlıdır. Bu dəyişikliklər, əslində, mahiyyət etibarı ilə bu və ya digər formada büdcə ilə əlaqədardır. “Dövlət qulluğu haqqında” Qanun dövlət qulluğundakı təsnifatı özündə ehtiva eləyir və təbii ki, bu, əmək haqlarına da təsir edir. Amma elə qurumlarımız mövcuddur ki, onlar mərkəzi icra hakimiyyəti orqanının yanında təsnifata əlavə olunmamışlar. Mövcuddurlar, ancaq təsnifatda göstərilmədiklərinə görə onlara ayrılan maliyyə məsələlərində müəyyən problemlər yaranır. Bu baxımdan qanuna edilən dəyişikliklər zəruridir. 8.1.5-ci maddədə “onlara bərabər tutulan icra hakimiyyəti orqanları” sözlərinin “onlara bərabər tutulan icra hakimiyyəti, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanları” sözləri ilə əvəz olunması təklif olunur. Misal çəkə bilərəm, məsələn, Nazirlər Kabineti yanında Dəniz Administrasiyası.
8.1.6-cı maddəyə isə əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü (bu, Prezident aktlarıdır) və 120-ci maddələrində (bu, Nazirlər Kabinetinin qəbul etdiyi aktlardır) nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri əlavə olunur. Belə xidmətlərimiz mövcuddur. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Karantini Xidməti. Bu cür bir neçə orqan var ki, təsnifatda yerini tapmayıb.
Hesab edirəm ki, tamamilə düzgün olaraq Dövlət qulluğu haqqında Qanuna bu dəyişikliklər olunur. Beləliklə, həm mərkəzi icra hakimiyyəti orqanının yanında, həm də Nazirlər Kabineti yanında fəaliyyət göstərən bu qurumlar da “Dövlət qulluğu haqqında” Qanunda öz təsnifat yerini tutur. Buna uyğun olaraq da bu ilin büdcəsində həmin məsələlər öz həllini tapmış olur. Bu baxımdan, dəyişikliklər müəyyən mənada büdcə zərfinə də aiddir. Ona görə millət vəkillərindən bu dəyişikliklərə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif var? Yoxdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsinə başlayırıq. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Maliyyə naziri və digər çıxış edənlər dövlət büdcəsi haqqında danışarkən qeyd etmişdilər ki, dövlət rüsumu büdcə gəlirlərinin 0,9 faizini təşkil edərək 48 milyon manat nəzərdə tutulur. Bu da cari ilə nisbətən 11 milyon manat çoxdur. Növbəti ildə dövlət rüsumuna cəlb olunacaq vergitutma bazasının müəyyən dərəcədə genişləndirilməsi, dövlət rüsumunun dərəcələrində dəyişiklik edilməsi nəzərdə tutulur ki, bu da sizə təqdim olunan qanun layihəsində öz əksini tapmışdır. Qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında Maliyyə və Vergilər nazirliklərinin, digər qurumların rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə müzakirə edilmiş və Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərin bir çoxunu dəstəkləyirəm. Amma burada bəzi məqamlar var. Mən istərdim, hörmətli Əli müəllim bu məqamlara aydınlıq gətirsin. Nəyə görə biz bu məqamları əlavə və dəyişikliklərdə bu şəkildə saxlayırıq?
Birinci, pasportların alınmasında bir ay müddəti məsələsinə toxunmaq istəyirəm. Bu bir ay müddəti nəyə lazımdır? Bir ay müddətində nələr, hansı məlumatlar bu qədər yoxlanılır? Bu bir çox qanunsuzluğa, rüşvət alınmasına geniş imkanlar yaradır.
Sonra, burada Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi məsələsi verilib. Mən burada oxuyuram ki, 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat, 5 iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə 40 manat nəzərdə tutulur. Bu, müsbət bir dəyişiklikdir. Nəyə görə? İndiyə qədər insanlar vaxtından əvvəl pasport almaq istəyirdilərsə, dövlətə cüzi rüsum ödənilirdi, amma böyük məbləğdə rüşvət verilirdi. İndi bu, şərait yaradacaq ki, kim 5 günə pasport almaq istəyirsə, buyursun, 120 manatını ödəsin. Bu, bayaq dediyim məsələyə də aydınlıq gətirir, biz 5 gün müddətinə bu pasportları verə bilərik.
Amma öyrənmək istəyirəm ki, biz bu çərçivəni bir az da genişləndirə bilərikmi? Məsələn, 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat, 5 iş günündən sonrakı müddətdə verildikdə 40 manat göstərilib. 5 iş günü ilə bir ay arasındakı müddət böyükdür. Bəlkə 5 iş günündən başqa 2 həftə iş günü müddəti üçün də bir rəqəm nəzərdə tuta bilərik.
Bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Biz pasportların verilməsi müddətini 5 ildən 10 ilə qaldırırıq. Amma bu pasportların materialı da təxminən eynidir, onların hazırlanmasında ciddi dəyişiklik yoxdur. Onda nəyə görə bunların qiymətlərini bu qədər qaldırırıq? Rüsumlar kifayət qədər böyük həcmdə artır. Şəxsiyyət vəsiqələrinin verilməsində də vəziyyət eynidir. 3 iş günü müddətində və 3 iş günündən sonrakı müddətdə verilir. Bunların da arasında kifayət qədər böyük müddət var və rəqəmlərdəki fərq də az deyil. Amma biz aradakı müddəti nəzərə ala bilərik, məsələn, bu, 10 gün olsun. Mən bir məsələni də soruşmaq istəyirəm. Milli sürücülük vəsiqələrinin sənədləşdirilməsi və təqdim edilməsi üçün müəyyənləşdirilən rüsumun miqdarı çox deyilmi? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir neçə iclasdır ki, biz iqtisadiyyatla bağlı məsələləri geniş müzakirə edirik. Ona görə də mütəxəssisləri dinləmək, onların fikirlərini eşitmək daha məqbuldur. Lakin “Dövlət rüsumu haqqında” Qanuna əlavələrlə əlaqədar mən də fikrimi bildirmək istəyirəm. 10.9-cu maddədə yazılır: “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün”. Məncə, burada “özgəninkiləşdirilməsi” sözü yerinə düşmür. Bu sözün əvəzinə “sahibkarlara”, “fiziki və hüquqi şəxslərə” yazılsa, fikir daha düzgün ifadə olunar.
Yenə həmin qanun layihəsində, 18.64.3-cü maddədə “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə – 20 manat” yazılıb. Burada da “özgəninkiləşdirilməsi” sözünün əvəzinə “sahibkarlara”, “fiziki və hüquqi şəxslərə” yazılsa, fikir daha düzgün ifadə olunar.
14.1.1-ci maddədə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları 5 iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə 120 manat nəzərdə tutulur. Qanunun 14.1.2-ci maddəsində isə yazılır ki, həmin proses 5 iş günündən sonrakı müddətdə yerinə yetirildikdə 40 manat rüsum ödənilməlidir. Burada uyğunsuzluq var. Vətəndaş həmin pasportu 5 günə alsa, 120 manat, 6 və ya 7 günə alsa, 40 manat ödəməlidir. Bu fərqi azaltmaq lazımdır. 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə rüsum 120 manat əvəzinə 80 və ya 100 manat nəzərdə tutulsa, daha ədalətli olar.
22.10-cu maddəyə redaktə xarakterli bir təklifim var. Burada yazılır: “Tibb fəaliyyəti üçün – 5500 manat”. Məncə, bu, tibb fəaliyyəti üçün yox, tibbi fəaliyyət üçün yazılsa, daha düzgün olar. Tibb fəaliyyəti daha geniş anlayışdır.
Qanunun 22.5-ci maddəsində radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması üçün 1100 manat rüsum nəzərdə tutulur. Eyni zamanda, 22.3 və 22.4-cü maddələrdə I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı üçün də 1100 manat müəyyənləşdirilir. Çox qəribədir ki, insan sağlamlığına ciddi təhlükə törədən radioaktiv və ion şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması üçün də eyni məbləğ müəyyənləşdirilir. Burada məbləğ artırılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Süleymanov.
T. Süleymanov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 1994-cü il iyunun 6-da “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ümumvətəndaş pasportunun verilməsi üçün minimum əmək haqqının 5 misli məbləğində dövlət rüsumu alınırdı. Sonradan bu məbləğ şərti maliyyə vahidinin 20 misli miqdarında müəyyən edildi. Nazirlər Kabineti ilə əlaqə saxlayandan sonra müəyyən oldu ki, hər bir pasportun hazırlanması dövlətə 1,2 ABŞ dollarına başa gəlir. Sadə hesablamaya görə Azərbaycan vətəndaşı ümumvətəndaş pasportunu almaqdan ötrü 1,2 ABŞ dolları əvəzinə təxminən 25 ABŞ dolları ödəməli olur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin 14.1.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları 5 iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə vətəndaş 40 manat və ya təxminən 45 ABŞ dolları artıq ödəməli olacaqdır. Belə artım nə ilə izah olunur? Açığı, bir millət vəkili kimi bu mənim özümə də aydın deyil. Fikrimcə, layihə hazırlanarkən vətəndaş pasportunun 10 il müddətinə verilməsi əsas götürülərək belə bir məbləğ müəyyən edilmişdir. Bildiyimə görə, ümumvətəndaş pasportunun göstəriciləri 1994-cü ildən bu günə kimi heç bir dəyişiklikliyə məruz qalmamışdır. Yəni kağızın keyfiyyətində və onun səhifələrinin sayında heç bir dəyişiklik olmamışdır. Açığı, belə artımı pasportun müddətinin artırılması ilə əlaqələndirmək nə dərəcədə məqsədəuyğundur?
Hörmətli Sədr, hörmətli deputatlar! Diqqətinizi qanun layihəsinin 6-cı maddəsinə yönəltmək istərdim. Fikir verin, yazılır ki, 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikası vətəndaşlarının xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə: 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat”. Bütün dünya bilir ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı ölkə başçısı səviyyəsində mübarizə aparılır. Bununla bağlı müvafiq qanun və dövlət proqramı qəbul edilmişdir. Korrupsiya ilə mübarizə sahəsində bir çox beynəlxalq konvensiyalar imzalanmışdır. Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvüdür. 14.1.1-ci maddəyə edilən əlavələr isə antikorrupsion tədbirlərdəndir. Bəlkə də bu, son zamanlar atılan ən böyük və vacib addımlardan biridir. Hesab edirəm ki, gələcəkdə belə layihələr qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Heç kimə sirr deyil ki, istənilən Azərbaycan vətəndaşı bir həftə ərzində 150 ABŞ dollarına pasport əldə edə bilər. Hesab edirəm ki, Azərbaycan vətəndaşını hər hansı məmurdan asılı vəziyyətə salmaq ən azından insafsızlıqdır. Artıq vətəndaş həmin məbləği dövlətin büdcəsinə keçirməklə 5 iş günü müddətində pasport əldə edə biləcəkdir.
14.1.1-ci maddəyə təqdim edilən qayda başqa ölkələrin təcrübəsində mövcuddur. Misal üçün, Gürcüstanda belədir. Layihə bu şəkildə qəbul edilərsə, fikrimcə, ümumvətəndaş pasportunun alınması üçün nəzərdə tutulan dövlət rüsumunun məbləğinin azaldılması məsələsinə də yenidən baxmaq olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Heç şübhəsiz, bu əlavə və dəyişikliklər dövlət büdcəsinə daxilolmaların miqyasının və məbləğinin artmasına, dövlət rüsumuna cəlb olunan xidmətlərin siyahısının dəqiqləşdirilməsinə xidmət edir. Amma bu, həmin xidmətlərə cəlb olunan insanların sosial vəziyyəti, onların gəlirləri nəzərə alınmaqla həyata keçirilməlidir. Təəssüf ki, bizə təqdim olunan bu dəyişikliklərdə qiymətlər əksər hallarda, elə bil, havadan götürülüb və reallıq, o qiymətlərin maya dəyərləri nəzərə alınmayıbdır. Burada məndən öncə deputat həmkarlarım Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı fikirlərini söylədilər. Niyə 5 gündən sonrakı müddət müəyyən olunmur? Düşünürəm ki, bu məsələlər dəqiqləşdirilməlidir.
Mənim digər təklifim 17.7-ci maddəyə edilən dəyişikliklə bağlıdır. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnamələrinin pulsuz və rüsumsuz verilməsi məsələsi çox humanist bir addımdır. Ancaq mən təklif edərdim ki, yalnız dövlət xətti ilə deyil, ümumiyyətlə, xarici ölkələrdə təhsil alan tələbələrin və xarici ölkələrdə pedaqoji fəaliyyət göstərən azərbaycanlı müəllimlərin hamısının qayıdış şəhadətnaməsi rüsumsuz olsun.
Mənim digər bir təklifim 22.10-cu maddəyə edilən dəyişikliklə bağlıdır. Tibbi fəaliyyət üçün 5500 manat məbləğində rüsumun tətbiq edilməsi, hesab edirəm ki, Azərbaycanda özəl səhiyyəni tamamilə məhv edən bir addımdır. Buna heç cür getmək olmaz. Əksinə, özəlləşdirməyə şərait yaradan addımlar atmaq lazımdır.
Təsəvvür edin, kənd yerlərində, Bakı şəhərində tibbi fəaliyyət üçün tamamilə başqa şərait yaranmışdır. Özəl fəaliyyətlə məşğul olan bir həkim də 5500 manat verməlidir, böyük bir klinikanı yaradan sahibkar da. Burada mütləq tibbi fəaliyyətin yönümü, istiqaməti, hansı regionlarda aparılması nəzərə alınmalıdır. Burada mütləq identifikasiya aparılmalıdır. Biz tibbi fəaliyyət üçün 5500 manat rüsum tətbiq eləsək, Azərbaycanda özəl tibb fəaliyyətini tamamilə məhv edəcəyik. Bu sistem tamamilə bağlanacaq, səhiyyə yenidən dövlət monopoliyasında qalacaqdır. Əczaçılıq fəaliyyəti üçün 5500 manat çox böyük bir rüsumdur. Yenə də deyirəm, əczaçılıqla məşğul olan böyük şirkətlərin firmalarını kənd yerlərindəki balaca apteklərlə eyniləşdirmək olmaz.
Digər bir narahatlığım 22.32-ci maddəyə edilən dəyişikliklə bağlıdır. Turizm fəaliyyəti üçün 5500 manat məbləğində rüsum müəyyən edilmişdir. Cənab Prezidentin hər yerdə turizmin inkişafının Azərbaycanın strateji istiqaməti olduğunu bəyan etdiyi halda, mən bilmirəm, kim hansı ağılla turizm fəaliyyəti üçün 5500 manat rüsum müəyyən edibdir? Bu rüsumun tətbiq olunması kənd və rayon yerlərində təzəcə inkişafa başlamış bu sistemi tamamilə məhv edəcəkdir. Mən buna da öz etirazımı bildirirəm.
Eyni zamanda, 22.36-cı maddəyə edilən dəyişikliklərə də etirazımı bildirirəm. Yabanı dərman bitkilərinin xammalının yığılması üçün 5500 manat rüsum təyin olunur. Buraya rüsum təyin etmək yox, bu insanları stimullaşdırmaq lazımdır. Onlara kreditlər vermək lazımdır ki, Azərbaycanın dağ yerlərində tökülüb qalan çox şəfalı dərman bitkilərini yığaq. Bundan həm insanlarımız xeyir görər, həm də kənd yerlərində yaşayan insanların məşğulluğu təmin olunar. Kənd yerlərində kim 5500 tapacaq ki, gedib bir rüsum da keçirsin, bir sertifikat da alsın...
Sədrlik edən. Sağ olun. Çox ağıllı danışırdı, amma çatmadı. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan bir sıra dəyişiklikləri qəbul edərkən düşünməliyik ki, biz bunları vətəndaşlarımızın naminə edirik, yoxsa məmurların. Mənə elə gəlir ki, bir sıra məsələlərdə bu xətti müəyyənləşdirmək çox önəmlidir.
Məsələn, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna edilən dəyişikliklərdə bir müsbət məqam diqqəti cəlb edir. Söhbət pasportların 10 illik müddətə verilməsindən gedir. Lakin bununla yanaşı, rüsumu da artırmaq məmurlara əlavə bir gəlir mənbəyi formalaşdırır. Biz onsuz da vergilərdən, dövlətin imkanlarından istifadə edərək Azərbaycanın müvafiq hüquq mühafizə orqanlarını yetərincə təmin edirik. Bəs bu əlavə rüsumu müəyyənləşdirməyə nə ehtiyac var? Zənnimcə, biz rüsumu köhnə qaydada saxlamalıyıq. İndiyə qədər müəyyənləşdirilmiş misli saxlayıb vətəndaşlarımızın əlavə xərclərinə imkan yaratmamalıyıq.
Müsbət bir hal ondan ibarətdir ki, məsələn, bu pasportlar fövqəladə hallarda 5 gün müddətinə verilirsə, burada əlavə əmək sərf edilir, onda bu miqdarı 120 mislə qədər qaldıra bilərik. Lakin burada bir önəmli məsələ də var. Pasportların 30 gün müddətində verilməsi, zənnimcə, hansısa xoşagəlməz halları və problemləri yaratmaq üçün müəyyənləşdirilib. Bu pasport 5 günə böyük pula verilə bilirsə, onda mənə elə gəlir, normal halda 30 gün deyil, 5 gün müddət tamamilə kifayət edərdi. Onda biz vətəndaşlarımızı məmurların qapılarında daha az gözlədərdik. Mənə elə gəlir ki, dəyişiklik edərkən 30 günü 15 günlə əvəz etsək, biz öz vətəndaşlarımızın hüquqlarını müəyyən qədər müdafiə edə bilərik.
Məndən qabaq çıxış edənlər dedilər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar üçün bu cür yüksək rüsumlar müəyyənləşdirməyə heç bir ehtiyac yoxdur. Həm əczaçılıq, həm də turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün belə rüsumları müəyyənləşdirməklə biz yenə də sahibkara qarşı məmur özbaşınalığını dəstəkləyirik. Mənə elə gəlir ki, bu rüsumları ya simvolik formada müəyyənləşdirməliyik, ya da ləğv eləməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən pasportların verilməsi ilə bağlı alınacaq rüsumlar barədə danışmaq istərdim. Oqtay müəllim, indi bütün deputatlar pasportlar 5 iş günü müddətində verildikdə 120 manat, 5 iş günündən sonrakı müddətdə verildikdə isə 40 manat rüsum tutulması məsələsinə münasibət bildirirlər. Amma məsələ burasındadır ki, bizə verilən arayışdan bunlar çıxarılıb. Ona görə əvvəlcə, mən xahiş edərdim ki, hökumət nümayəndələrindən kimsə məlumat versin ki, bu müddəa saxlanılıbmı? Bəlkə bu, layihədən çıxarılıb? Yəni biz dəqiq bu məsələni bilmədən müzakirəsini aparırıq. Bilirsiniz də, bütün müzakirə olunan məsələlərlə bağlı arayış hazırlanıb, bizə verilib. Oradan bu məsələ çıxarılıb. Əgər bu çıxarılıbsa, çox pisdir. Çünki vətəndaşların hamısı bilir ki, kimə təcili pasport lazımdırsa, onu müxtəlif yollarla, daha doğrusu, 150 dollar ödəməklə qeyri-qanuni yolla ala bilərlər. İndi bu, qanuniləşirdi. Artıq vətəndaşlar 120 yeni Azərbaycan manatı ödəməklə bir həftə müddətində o pasportu ala bilərdilər və o pullar da büdcəyə ödənilərdi. Mən hesab edirəm ki, əgər bu saxlanılıbsa, 120 manatı 100 manata endirmək olar.
Burada qeyd olundu, 40 manat da həddindən artıq çoxdur. Onu ən azı 2 dəfə azaltmaq lazımdır ki, vətəndaşlarımız pasport ala bilsinlər. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan vətəndaşları xaricə çox səfər eləyirlər. Ona görə ki, biz SSRİ-nin tərkibində olmuşuq. Əksəriyyət insanların qohumları keçmiş sovetlər ittifaqını təşkil edən respublikalarda yaşayırlar. Ona görə də bu pasport bizim vətəndaşlarımızın əksəriyyətinə – kasıbına da, imkanlısına da lazımdır. Mənə elə gəlir ki, bu rüsumu xeyli aşağı endirmək lazımdır. Amma bundan öncə istərdim, hökumət nümayəndələri məlumat versinlər ki, bu, ümumiyyətlə, çıxarılıb, yoxsa yox? Çıxarılıbsa, niyə çıxarılıb?
Sədrlik edən. Çox sağ olun. Hökumət nümayəndələri bu suala cavab verəcəklər. Gəlin, müzakirəni yekunlaşdıraq. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım, ilk növbədə qeyd etmək istəyirəm ki, “Dövlət rüsumu haqqında” Qanuna edilən əlavələr və dəyişikliklər Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında müzakirə edilmiş və parlamentin müzakirəsinə tövsiyə edilmişdir. Ümumilikdə, bu qanunun bir çox müsbət müddəaları var. İlk növbədə, bu onunla əlaqədardır ki, indiyə qədər bəzi hallarda Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşən məsələlər, nəhayət ki, qanunla tənzimlənir. Misal üçün, sürücülük vəsiqələrinin sənədləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumları və digərləri bu qəbildəndir. Bu rüsumların qanunda göstərilməsi vətəndaş-məmur arasında yarana biləcək hər hansı bir konfliktdən yayınmaqdan ötrü çox müsbət məqamdır. Qanunda dövlət rüsumları aydın şəkildə göstərilib.
Eyni zamanda, yəqin, baxmısınız, misal üçün, qanunun 8-ci bölməsində Azərbaycan vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən sənədin verilməsindən ötrü dövlət rüsumu alınmaması kimi müddəalar çox müsbət məqamlardır. Amma bununla yanaşı, bizim komissiyanı da narahat edən bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bu da Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə görə nəzərdə tutulan dövlət rüsumudur. Təklif olunur ki, bu rüsum 2 dəfə artırılsın, 40 manat dəyərində olsun. Bəri başdan demək istəyirəm ki, bunu 2 dəfə azaltmaq mümkün deyil, çünki mövcud vəziyyət 20 min manatdır.
Məncə, bu rüsum artırılarsa, ilk növbədə bir sualın cavabını vermək lazımdır. Elə rüsumlar var ki, onlar əhalinin az bir hissəsi ilə təmasda yaranır. Bu, bütün vətəndaşların maddi vəziyyətinə toxunan bir rüsumdur. Əlbəttə, bəzən belə bir fikir səslənir ki, əgər kimsə xaricə gedirsə, turizm məqsədi və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar gedir. Amma insanlar bəzən xəstələnirlər, təcili surətdə xaricə getmək lazım gəlir. Təsəvvür edin, misal üçün, biz pensiyaçıların yaşayış minimumunu 49 manat müəyyənləşdirmişik, amma 40 manat ödəyib pasport əldə etməlidir.
Burada Qənirə xanım və Tahir müəllim bir məsələyə toxundular. Bu rüsumun qaldırılmasında, məncə, biz bir məsələni dəqiq aydınlaşdırmalıyıq. Pasportun verilməsi üçün çəkilən xərclər, doğrudanmı, 2 dəfə artıb ki, biz bu rüsumu 2 dəfə artırmaq məcburiyyətindəyik? Bax, bu sualın cavabını, gərək, bu təklifi vermiş hökumət nümayəndələri cavablandırsınlar. Yəni ehtiyac varmı ki, bu, 2 dəfə artırılsın? Əlbəttə, mən düşünürəm ki, bunu mövcud vəziyyətdə bir qədər artırmaq mümkündür, amma 2 dəfə yox. Mən hesab edirəm ki, qanun layihəsi səsə qoyulub, qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Doğrudan da, müzakirə olunan 5 iş günü müddəti və 5 iş günündən sonrakı müddət məsələsi bir az mübahisəli oldu. 5 iş gününə pasportu 120 manata verə bilən məmurlar elə bunu versinlər də. Niyə 5 gündən sonra 40 manat rüsum ödənilsin?
Digər tərəfdən, bu 120 manatın özü də, hesab edirəm ki, çoxdur. Məmurlara, belə deyək ki, rüşvət yeri yaratmamaq üçün konkret bir müddət, konkret bir qiymət qoyulmalıdır. Mən gedib deyəcəyəm ki, tələsirəm, 5 günə ver, 120 manat verirəm. Vaxtında gəlib pasportu istəyəndə deyəcək ki, vallah, çatdırmıram, 6-cı gün səhər tezdən gəl, götür. Səhər tezdən, 6-cı günü gedib götürəndə 120 manatı alacaq, amma 40 manatı sənədləşdirəcək. Deməli, biz rüşvət yeri açırıq. Ona görə də biz belə məsələləri konkret yazmalıyıq. Məndən qabaq çıxış edən həmkarlarım da dedilər, biz bu qanunları qəbul eləməklə vətəndaşlara qulluq eləyirik, yoxsa məmurlara rüşvət yeri açırıq?
İkinci, 17.7, 17.8-ci maddələrə edilən dəyişikliklərlə əlaqədar hörmətli həmkarım Əli müəllimə və mənə Türkiyədən müraciət etdilər. Türkiyədə təhsil alan, pedaqoji fəaliyyət göstərən insanlarımız var. Onların pasportlarının vaxtı bitəndə təyyarəyə filan qədər pul verib, bura gəlməlidirlər. Düzdür, rüsum pulu vermirlər, amma pasportun vaxtını artırmaq üçün də müəyyən qədər pul verməlidirlər. Bunun mexanizmi necə olacaq? Mən bunu başa düşmürəm. Ona görə xahiş edirəm, mütəxəssislər buna aydınlıq gətirsinlər. Bizim səfirliklərimiz var, yaxşı olardı ki, pasportun vaxtının artırılması üçün tədbirlər görsünlər. Yəni insanlar havayı yerə niyə incidilsinlər? Pasportun vaxtını 3 ay artırmaq üçün niyə əziyyət çəksinlər, niyə gəlib burada kimlərləsə üzləşsinlər. Orada 3 ay fəhləlik eləyib ailəsinə 5 manat pul qazanacaq. Bu problemlər var, ona görə bunun mexanizmi bir az sadələşdirilməlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və mətbuat nümayəndələri! Şübhəsiz ki, bu gün müzakirəyə təqdim olunan dəyişikliklər bizim bir sıra qanunlarımızın daha da təkmilləşməsinə xidmət edir və bunların böyük hissəsinə məmnuniyyətlə səs vermək olar. Bu dəyişikliklərin içərisində mütərəqqi xarakter daşıyan maddələr yetərincədir.
Amma bununla bərabər, mən də deputat həmkarlarımın narahatlığına qoşuluram. Xüsusi ilə pasportların alınması və dəyişdirilməsinə görə qiymətlərin qaldırılmasına hökumətdən izahat verməsini xahiş edirəm. Hökumət rəsmi qaydada təsdiq edirmi ki, Azərbaycanda həyat bahalaşır? Ümumvətəndaş pasportlarına 40 manat rüsum tələb olunur. Mövcud rüsum köhnə Azərbaycan manatı ilə 110 min, yeni Azərbaycan manatı ilə 22 manatdır. Birdən-birə rüsumun 80 faiz artırılması nə ilə bağlıdır? Keyfiyyətimi dəyişir, səhifəmi artır? Bildiyimizə görə pasportlar xaricdə çap olunub gəlib. Çox xahiş edirəm, hökumət buna izahat versin.
30-32 manat minimum əmək haqqı alan, minimum pensiya alan vətəndaşlarımız bu halda necə hərəkət etməlidirlər? Məlum olduğu kimi, respublika əhalisinin müəyyən hissəsi Rusiyada, qonşu ölkələrdə yaşayır, qohumluq əlaqəsi, xəstəsi olan var. Nəzərə alaq ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin təxminən 600 min nəfəri minimum əmək haqqı və təxminən 700 min nəfər pensiyaçı minimum pensiya alır. Bu halda onların taleyi necə olacaq?
Mən deputat Eldar İbrahimovun qaldırdığı məsələni yüksək qiymətləndirirəm. Bu gün Rusiyada bizim 2 milyona yaxın vətəndaşımız yaşayır. Təsəvvür edin, Vladivostokdan Moskvaya gəlmək üçün 2000 dollara yaxın vəsait lazımdır. Daxili İşlər Nazirliyi pasportların verilməsi qaydalarını tənzim etməlidir və vətəndaşlarımız bundan əziyyət çəkməməlidirlər.
22.33, 22.34-cü maddələr gömrük broker fəaliyyəti və anbarların saxlanması üçün 11000 manat rüsum tələb edirlər. Azərbaycan Beynəlxalq Gömrük təşkilatına üzvdür və Beynəlxalq Ticarət Təşkilatına üzv olmaq istəyir. Onların da tələblərindən biri gömrük fəaliyyətinin şəffaflaşdırılmasıdır. Belə olan şəkildə elə rüsum tətbiq etmək lazımdır ki, müəyyən iş adamları və bu sahə ilə maraqlananlar broker fəaliyyəti ilə məşğul ola bilsinlər. Bəri başdan broker fəaliyyətinə 11000 manat rüsum qoyulması istər-istəməz bu işlə məşğul olmaq istəyənlərə mane olacaqdır. Bu da bir qayda olaraq müvafiq dövlət hakimiyyəti orqanının yenə də həmin sahəni öz inhisarında saxlamasına gətirib çıxaracaqdır. Mənə elə gəlir ki, bu rüsumları bir qədər azaltmaq lazımdır.
22.38-ci maddədə də teleradio yayımı üçün 11000 manat rüsumun ödənilməsi nəzərdə tutulur. Mənə elə gəlir ki, hələlik bu sistemin oturuşmadığı Azərbaycan kimi bir ölkədə 11000 manat rüsum tələb eləmək bizim həyat tərzimizlə müqayisədə yuxarıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev.
H. Atayev. Hörmətli Sədr, hörmətli deputatlar və qonaqlar! Burada pasport alınması ilə bağlı kifayət qədər problemlər müzakirə olundu. Təmsil etdiyim Zaqatala rayonu respublikanın çoxmillətli rayonlarındandır. Əhalisinin təqribən yarısını azsaylı xalqlar təşkil edir. Zaqatala, Balakən, Qax rayonlarında yaşayan avar, çaxur, yengiloy və sair xalqların nümayəndələrinin qonşu respublikalarda – Rusiyada və Gürcüstanda çoxlu sayda qohumları var və bu insanlar müəyyən hallarda həmin respublikalara getmək məcburiyyətindədirlər. Ona görə də bu ərazidə yaşayan vətəndaşlara ümumvətəndaş pasportu almaq çox vacibdir.
Hazırda bizim regionda yaşayan vətəndaşlar pasport almaq üçün Şəki şəhərinə getməlidirlər. Qeyd etmək istəyirəm ki, Şəkiyə getmək üçün Qaxda yaşayan vətəndaşlar ən azı 140 km, Zaqatalada yaşayanlar 220 km, Balakəndə yaşayanlar isə 260 km yol qət etməlidirlər. Siz bilirsiniz ki, bir günə pasport almaq mümkün deyil. Təsəvvür edin, bu insanlar neçə dəfə o yolu getməlidirlər. Bu isə əlavə xərclər tələb edir və insanların vaxtını alır.
İkinci, nəzərinizə çatdırmaq istəyirəm ki, bizim regionun əhalisi Rusiyaya və Gürcüstana yalnız işləmək və oxumaq üçün getmir. Bayaq qeyd etdiyim kimi, qohumluq əlaqələri olduğuna görə insanların bir çoxunun xeyir və şər işləri üçün qonşu respublikalara getmək zərurəti yaranır. Belə olan halda siz başa düşürsünüz ki, xaricə getmək istəyən insanların arasında cavanlar da olur, yaşlı insanlar da. Mən qeyd etmək istəyirəm ki, bu, böyük problemlər yaradır. Həmin əhalinin müraciətini sizə çatdıraraq xahiş edirəm ki, ümumvətəndaş pasportunun alınmasının Zaqatala rayonunda təşkil edilməsini təmin edəsiniz.
Sonra, deputatlar bilirlər ki, Zaqatala rayonunda beynəlxalq əhəmiyyətli aeroport tikilir və bu hadisənin özü, mənim fikrimcə, səsləndirdiyim fikri zəruri edir. Yəni beynəlxalq aeroport olan yerdə ümumvətəndaş pasportları verilməlidir. Xatırlatmaq istəyirəm ki, aeroportun tikintisi təxminən bir ilə başa çatacaqdır. Hesab edirəm ki, pasportların Zaqatalada alınmasını o vaxtacan təmin etsək, məqsədəuyğun olardı.
Hörmətli Sədr, yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, keçən iclaslarda, Zaqatalada tikilən aeroportun lazım olub-olmaması haqqında bəzi fikirlər səslənmişdi. Mən hesab edirəm ki, Zaqatala rayonunda aeroport yalnız bu ərazidə yaşayan insanların nəqliyyat problemlərini həll etmək üçün tikilmir, bu həm də dövlət əhəmiyyətli layihədir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov, sual vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
A.Həsənov. Bizim Cəlilabad rayonundan 5-6 qadın İran vətəndaşlarına ərə gedib. Mən bu sualı Əli müəllimə verirəm, cavab versin. Sənəddə yazılır ki, 30 gündən artıq müddətdə burada yaşayırlarsa, onlara həm pasport verilə bilər, həm də onları vətəndaşlığa qəbul eləyə bilərlər. Bunlar 10 ildən artıqdır ki, ərdədirlər, 3-4 uşaqları da var. Onlara nə şəxsiyyət vəsiqəsi verirlər, nə də onları VVAQ-da qeydiyyata alırlar. Onlar dünən də gəlmişdilər, səfirliyə göndərdim. Onların barəsində nə kimi tədbir görək? Xahiş edirəm, Əli müəllim buna açıqlama versin.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Sözsüz ki, mən də “Dövlət rüsumu haqqında” Qanuna edilən əlavələr və dəyişikliklərə səs verəcəyəm. Lakin bir-iki məsələni qeyd etmək istəyirəm. Birinci növbədə deyim ki, bu rüsumlar həm gələcəkdə büdcəmizin formalaşmasına böyük kömək olacaq, həm də insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir. Bununla bərabər, demək istəyirəm ki, hazırda ölkədə xırda və orta sahibkarlığın inkişafı üçün böyük proqram həyata keçirilir. Mən anlayıram ki, bütün sahələrdə rüsumlar ödənilməlidir. Amma hesab edirəm ki, göstərilən rüsumların məbləği bir az yüksəkdir.
Xüsusən də təhsil haqqında fəaliyyətlə bağlı fikrimi demək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda 4500-dən çox məktəb var. Son illərdə ölkə Prezidentinin rəhbərliyi ilə Təhsil Nazirliyi, o cümlədən də hörmətli Heydər Əliyev Fondu tərəfindən məktəblərdə təmir işləri aparılır. Lakin yenə də məktəblər artmır. Bununla əlaqədar olaraq müəyyənləşdirilən 3500 manat rüsum, hesab edirəm, çoxdur. Bu, heç olmasa, 2000-ə endirilsə, yəqin ki, təhsilin inkişafına kömək olar.
Digər sualım müvafiq icra hakimiyyəti orqanlarınadır. Burada rüsumlar göstərilib, lakin müddətlər göstərilməyib. Bildik ki, pasportlar 10 ildən bir dəyişiləcək və yəqin ki, hər dəfə yeni rüsumlar ödəniləcəkdir. Amma burada necədir, birdəfəlikdirmi, yaxud 10 ildirmi? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Həqiqətən, bir sıra rüsumların tətbiq olunması və artırılması məqsədəuyğundur. Hamı bilir ki, rüsumların real olaraq aşağı olmasına baxmayaraq, əslində, müxtəlif vasitələrdən istifadə olunmaqla həmin rüsumlardan qat-qat çox rüşvət alınır. Sözün doğrusu, mən sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlardan dəfələrlə eşitmişəm ki, onlar verdikləri həmin vəsaitin dövlət büdcəsinə çatmasında və bunun dövlətin, xalqın, cəmiyyətin mənafeyinə istifadə olunmasında maraqlıdırlar.
Burada çox ciddi şəkildə toxunulan məsələlərin bəzilərinə dəstək vermək istəyirəm. Necə deyərlər, biz əyintilərə yol vermişik. Bu yaxınlarda bizim hörmətli iqtidar deputatlardan biri ilə söhbət zamanı mən belə bir söz işlətdim ki, biz sovet quruluşunun və kommunist rejiminin yıxılması üçün böyük əmək sərf eləmişik, amma etiraf eləmək lazımdır, indiki vəziyyətə baxanda o vaxt daha xəlqi qərarlar mövcud idi. Necə olur ki, sovet hakimiyyəti dövründə insanlar pasportları, ümumiyyətlə, rüsumsuz alırdılar? Niyə dövlət pasportları və şəxsiyyət vəsiqələrini öz vətəndaşına rüsumsuz olaraq təqdim eləmək iqtidarında və gücündə deyil? Mənim təklifim, ümumiyyətlə, pasportlara və şəxsiyyət vəsiqələrinə verilən dövlət rüsumlarının ləğv edilməsidir.
Hamımız bilirik, buradakı deputatların bir çoxu hələ o vaxt öz vəsaitlərindən xeyli pul sərf elədilər ki, insanlar şəxsiyyət vəsiqələrini alsınlar və səs verə bilsinlər. Daxili İşlər Nazirliyi, həqiqətən, o dövrdə çox ciddi, gərgin iş rejiminə keçmişdi. Buradakı deputatların mütləq əksəriyyəti vəziyyətin nə yerdə olduğunu bilir. Mən etiraf eləyim ki, bizim tərəfimizdən də müəyyən köməklik edilib. Ona görə bir daha təkrar edirəm ki, çox ciddi şəkildə bu məsələyə qayıtmaq lazımdır və ümumiyyətlə, dövlət rüsumu ləğv olunmalıdır.
İkincisi, biz müsəlman ölkəsiyik. Bütün dünyada spirtli içkilər və tütün məmulatından istifadəyə qarşı kampaniya gedir. Mən heç cür başa düşmürəm, məktəb, uşaq bağçası açmağa da 5500 manat rüsum alınır, spirtli içkilərin istehsalına da. Hələ bunların satışına da 220 manat rüsum qoyulur. Bu, 100 qat artıq olmalıdır. Ümumiyyətlə, mən spirtli içkilərin əleyhinəyəm. Mən çox istərdim ki, insanlarımız spirtli içkilərdən imtina eləsinlər, amma bu, vətəndaşların hüququdur, bunun hal-hazırda qadağan olunmasını təklif eləmirəm. Amma olduqca yolverilməzdir ki, dərman idxalına da, spirt, içki istehsalına da 5500 manat rüsum qoyulur. Bu, qəbuledilməzdir. Dediklərimi tütün məmulatına da aid edirəm.
Rabitə vasitələrinə, xüsusi ilə informasiya vasitələrinin ən mühüm növü olan televiziya fəaliyyətinə çox yüksək rüsum tətbiq olunmasını məqsədəuyğun hesab eləmirəm. Cəmiyyətimizdə söz və informasiya azadlığının ciddi inkişaf etməsinə ehtiyac var. Bu məsələlərə də baxmaq lazımdır. Ümumiyyətlə, kütləvi informasiya vasitələri bütün növ vergilərdən və rüsumlardan azad olunmalıdır. Xərcləri dövlət öz üzərinə götürməlidir. Bütövlükdə təklif olunan rüsumların əksəriyyəti ilə razıyam, amma qeyd etdiyim məsələlərə aydınlıq gətirilməsini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Siyahı tez-tez dəyişir. Çıxışa yazılanların sayı get-gedə artır. Baba Tağıyev.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Müzakirənin yeniləşməsi yaxşı haldır. Çıxış etmək istəyən deputatlarımızın sayının dəyişməsi də diskussiyadan xəbər verir. Mən müzakirə olunan qanun layihəsi barədə bir neçə kəlmə demək istərdim. 14.3.1-ci maddəyə edilən dəyişiklikdə göstərilir ki, şəxsiyyət vəsiqəsi 3 iş günü müddətində verilərsə, 5 manat, 3 iş günündən sonrakı müddətdə verilərsə, 1 manat. Dəyişdirilmə üçün prosedur eyni olduğu halda tamam ayrı-ayrı rüsumlar müəyyən olunur. Vətəndaşlarımız 25 yaşına, 30 yaşına, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itirildikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini dəyişməlidir. Amma şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə onun alınması proseduru eyni olduğu üçün rüsumlar da eyni olmalıdır. Mən təklif edirəm ki, dəyişdirilən halda da 3 gün müddəti üçün 5 manat rüsum tutulsun.
İkinci məsələ haqqında fikrimi demək istəyirəm. Soruşuruq ki, ümumvətəndaş pasportunun rüsumu nəyə görə artıb? Əvvəlcə 5 ilə verilirdi, indi 10 ilə verilir, ona görə də artıb. Bu artıma görə biz, millət vəkilləri heç də təəccüblənməməliyik. Azərbaycan vətəndaşları, sahibkarları, fermerləri, iş adamları vergi verməklə nə özlərini təhqir olunmuş hesab edəcəklər, nə də onların var-dövlətləri azalacaq. Azərbaycan vətəndaşları onlardan yersiz rüşvət istənildikdə özlərini təhqir olunmuş hiss edirlər. Gəlin, elə qanunlar qəbul edək ki, vətəndaşlarımız vergiləri, rüsumları ödəməkdən qürur duysunlar. Mən bütün qanunların bu cür qəbul olunmasını istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, çox gözəl arzudur. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun. Oqtay müəllim, pasportlarla bağlı rüsumlar çox diqqət çəkən məsələdir. Elə məsələlər var ki, mövsümi xarakter daşıyır, hansısa təbəqənin mənafeyinə zidd və yaxud xeyirli olur. Oqtay müəllim, bu məsələ Azərbaycanın hər bir ailəsinə aiddir. Bu gün bu məsələnin ixtiyar sahibi Milli Məclisdir. Bunun siyasi, mənəvi, maddi tərəfləri var. Bütün bunları nəzərə alsaq, mən də deyilən təkliflərə qoşuluram.
Eldar İbrahimov çox doğru dedi, birincisi, bu müddət götürülməlidir. Bu, bürokratiya üçün şərait yaradır. İkincisi, bir ay uzun müddətdir. Qənirə xanımın bu barədə dedikləri çox maraqlıdır. Əvvəllər telefonlarla bunu yoxlamaq, öyrənmək uzun müddət tələb edirdi. İndi qarşılarında kompüter var, 0,5 saniyəyə hər kəs haqqında kifayət qədər məlumat toplamaq olur. Ona görə hesab edirəm ki, rüsumların eyni səviyyədə verilməsi məqsədəuyğundur.
Bu rüsumların hamısı dövlət büdcəsinə gedir. Dövlət büdcəmizdə də kifayət qədər vəsait var. Əhalinin maddi vəziyyətini nəzərə alsaq, bu rüsumların eyni səviyyədə, eyni vaxtda olması təbəqələr arasındakı fərqlərin aradan götürülməsinə gətirib çıxaracaqdır. Əks halda pulu olanlar 3 gün müddətində pasportu alacaq, digərləri isə həftələrlə gözləməyə məcbur olacaqlar. Oqtay müəllim, bu məsələ başqa formada həll olunanda sabah seçicilərimizin şikayətlərini qəbul etməli olacağıq. Deyilən təkliflərə qoşuluram və güman edirəm ki, burada fikir ayrılığı yoxdur və məsələ müsbət həll olunacaqdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail müəllim, bunun üçün gərək Milli Məclisdə qanunlar müzakirə olunsun, deputatların fikirləri öyrənilsin. Hökumət nümayəndələri də dediklərinizə qulaq asırlar, bu barədə fikirlərini söyləyəcəklər. Biz bundan sonra bu qanun layihəsini qəbul edəcəyik. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Burada müəyyən məsələlər haqqında məlumat verildi. Eldar müəllimin dedikləri ilə razıyam. Amma bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Ümumiyyətlə, Azərbaycanda müəyyən sahələrdə rüsumların qaldırılması vacibdir. Amma elə prioritet sahələr var ki, orada müəyyən liberallaşma olmalıdır və dövlət bu sahələri müəyyən dərəcədə inkişaf etdirməlidir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, Azərbaycan informasiya müharibəsindədir və bu gün İP səhifələrinin açılması bizim üçün prioritet məsələdir. Ümumiyyətlə, internetlə məşğul olan təşkilatların, şirkətlərin belə böyük məbləğdə – 8000 manat rüsum vermələri hər halda internet-telefoniyanın inkişafına müəyyən qədər zərər vura bilər. Ona görə bu rüsum bir az aşağı salınsa, daha yaxşı olardı.
Elə sahələr var ki, mən hesab edirəm, orada rüsum daha çox olmalıdır. Bu gün biz müharibə şəraitində yaşayırıq və sağlam həyat tərzi bizim gənclər üçün vacib məsələdir. Bu mənada tütün məmulatına aşağı rüsum tətbiq olunmasını başa düşə bilmirəm. Sağlam həyat tərzi üçün biz Azərbaycan gənclərini pis vərdişlərdən uzaqlaşdırmalıyıq. Ona görə də bu sahədə rüsumun daha yuxarı həddə tətbiq olunması məsləhətdir.
Sonda bir məqama toxunmaq istəyirəm. Sovet İttifaqı dönəmində bizə qızıl da paylasaydılar, biz müstəqil ölkədə yaşamağı daha üstün tutardıq. Həmişə fəxrlə deməliyik ki, Azərbaycan müstəqildir və biz heç vaxt ittifaq dövrünə qayıtmaq istəməzdik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ağacan Abıyev.
A. Abıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlarımız! Mən də fikirlərimi qısa şəkildə deyəcəyəm. Sözün düzü, ümumvətəndaş pasportunun 10 il müddətinə verilməsi çox gözəl işdir. Çünki biz bu pasportlarla çox işləyirik. İdmançılarımızdan çox yarışa gedən yoxdur, amma 5 il ərzində pasportların yarısı boş qalırdı. Adi vətəndaşlar isə demək olar ki, o pasportların heç 5 səhifəsindən istifadə eləmirdilər. Amma 5 il keçəndən sonra yeni pasport alınmalı idi. 10 il müddəti gözəl fikirdir və hamı bunu dəstəkləyir. İkinci deyəcəyim məsələ idmançılarımızın dünya və Avropa çempionatlarına getməsi ilə bağlıdır. Bildiyiniz kimi, yaş həddi aşağı salınıb, 14-17 yaşlarında uşaqlarımız, yeniyetmələrimiz indi yarışlara gedirlər. Təkcə idmançılar deyil, mədəniyyət sahəsində də bu yaşda uşaqlar xaricə gedirlər və pasport almalıdırlar. Mən təklif edirəm ki, belə yeniyetmələr üçün rüsum adi rüsumdan 50 faiz aşağı olsun. Bu, idmanımızın və mədəniyyətimizin inkişafına kömək edərdi. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlarımız! Mən də çalışacağam ki, korrekt olum. Mən bu dəyişikliklərin bir çoxunun labüd olduğunu təsdiqləyirəm və çox güman ki, biz buna müsbət rəy verəcəyik. Musa müəllimin çıxışında qaldırılan məsələləri təkrarçılıq olmasın deyə, bir daha söyləmirəm, amma əczaçılıq fəaliyyəti və dərman satışı ilə bağlı dediklərini dəstəkləyirəm. Mənə elə gəlir ki, bu maddəyə “kənd yerləri” ifadəsinin əlavə olunması qaldırılan məsələlərin həll olunmasına rəvac verərdi. Təsəvvür eləyin ki, bəzi kəndlərdən rayon mərkəzlərinə 60-70 kilometr məsafə var və hər hansı bir dərmanı almaq üçün bu qədər məsafə qət etmək lazım gəlir. Kənd yerlərində əczaçılıq fəaliyyətini aktivləşdirmək üçün bölgünü bu maddədə aparmaq lazımdır.
Mən diqqətinizi 22.5 və 22.6-cı maddələrə yönəltmək istəyirəm. Radioaktiv və ion şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması və toksiki istehsalat tullantılarının ütilizasiyası və zərərsizləşdirilməsi üçün 1100 manat rüsum nəzərdə tutulur. Məncə, bu elə bir fəaliyyət növüdür ki, biz bunu aktivləşdirməliyik. Bunu tələb eləməyə ehtiyac yoxdur. Ekoloji nöqteyi-nəzərdən bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara minnətdar olmalıyıq.
Bir də, tütün məhsulları ilə bağlı fikrimi bildirmək istəyirəm. Tütün məhsulları bizim ölkədən yarımfabrikat halında satılır. Əgər burada məhz o fəaliyyət də nəzərdə tutulursa, bu, tütün istehsalının bütün ölkədə azalmasına gətirib çıxaracaqdır. Burada da hökumət nümayəndələrinə diqqətli olmağı təklif edərdim.
Sonra demək istəyirəm ki, bir çox dəyişikliklər, həqiqətən, ölkədə rüşvətxorluq hallarının aradan qaldırılmasına xidmət edəcəkdir. Xüsusən pasportlar və şəxsiyyət vərəqələri ilə bağlı dəyişikliklər bu qəbildəndir. Mənimlə razılaşarsınız ki, qanunların bir çoxunun icra olunmamasının səbəbi vətəndaşların onları bilməməsidir. Bu sahədə vətəndaşların maarifləndirilməsinə ehtiyac var. Qəbul olunan dəyişikliklərin kütləvi informasiya vasitələri tərəfindən ölkədə ciddi təbliğatına ehtiyac duyulur. Kütləvi informasiya vasitələrini bu sahədə camaata xidmət etməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Əlimizdə olan sənədə hörmətli həmkarlarım kifayət qədər tutarlı dəlillərlə münasibətlərini bildirdilər. Mənə hələ də bu sənədin əsas məntiqi aydın deyil. Çünki bu gün hamı çalışır ki, orta və kiçik sahibkarlıq inkişaf etsin, formalaşsın. Mənə elə gəlir ki, biz məhz bu rüsumlarla nəinki kiçik və orta sahibkarlığı formalaşdıra biləcəyik, əksinə, yüksək səviyyə ilə aşağı arasında böyük bir uçurum yaradacağıq. Birdən-birə rüsumların belə artırılmasını sona qədər dərk eləyə bilmirəm.
Mənim bunu təqdim edən şəxslərə bir sualım var. Biz bilirik ki, bu gün internatların açılması, xüsusi məktəblərin və ayrı-ayrı liseylərin yaranması nə qədər vacibdir. Texniki peşə məktəblərinin vəziyyəti hər birimizə məlumdur. Əgər internat açmaq istəyirlərsə, onlara yardım etməyin əvəzinə belə yüksək rüsumların qoyulması nəyə xidmət edir?
Tibb fəaliyyəti haqqında hörmətli həmkarlarım danışdılar. Qəribə bir məqam alınır. Bu gün prekursorların idxalı, ixracı və tranziti üçün 5500 manat, digər sahələr üçün 6000, 11000 və sair rüsum qoyuruq. Hansı əsasla? Çox istərdim, izah eləsinlər ki, bu, orta sahibkarlığın gələcək inkişafına yardım edəcək, yoxsa qapını onların üzünə birdəfəlik bağlayacaq?
Pasportla əlaqədar danışıldı. Xoşa gəlməyən bir məqamı deyəcəyəm. Bu heç də daxili işlər orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi güdmür. Amma vaxtilə belə idi ki, pasportu bir həftəyə almaq istəyirdinsə, 150 dollar verməliydin. Bu nədir, gətirib bunu elə 140 dollara çıxarmışıq. İnsanların buna imkanı varmı? Bunu nəzərə almaq lazımdır. Bəli, maddi rifah halı yüksəlir, amma bunun müəyyənləşdirilən rüsumun miqdarına nisbəti necədir? O neçə ay işləməlidir ki, 120 manata özünə pasport alsın. Heç olmasa, bu insanların orta aylıq əmək haqqını nəzərə almaq lazımdır.
Sonra, burada turizm fəaliyyəti üzrə rüsumlar göstərilib. Hörmətli Hikmət müəllim Balakən və Şəki zonası barədə fikirlərini dedi. Doğrudan da, bu bölgədə turizm üçün şərait var. Amma mən bilirəm ki, nə qədər sahibkarı, imkanlı adamı bu regiona dəvət etsək də gəlməyəcək. Çünki rüsumlar o qədər yüksəkdir ki, onun əldə edəcəyi gəlir yalnız onu ödəməyə yetəcək. Mən sənədi təqdim edən şəxslərdən xahiş edirəm, buna bir aydınlıq gətirilsin. Hər bir deputatın çıxışında narazılıq notları var, hər kəs buna aydınlıq gətirilməsini istəyir. Biz böyük həsrətlə bunu gözləyirik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məni 22.10-cu maddəyə edilən dəyişiklik maraqlandırdı. Sualıma bunu tərtib eləyən yoldaşlar, yəqin ki, cavab verərlər. Burada tibbi fəaliyyət üçün 5500 manat dövlət rüsumu yazılıb. Mən özüm üçün aydınlaşdırmaq istəyirəm, klinikası olan şəxs də, ayrılıqda tibbi fəaliyyətlə məşğul olan da 5500 manat rüsum ödəyəcək? Söz yox ki, camaat yaxşı həkim axtarır, hətta evinə də gedir. Bunun üçün 5500 manat çoxdur. Mənə elə gəlir ki, buna aydınlıq gətirmək lazımdır.
Bundan başqa neft məhsullarının satışı üçün də 5500 manat rüsum nəzərdə tutulub. Burada bir uyğunsuzluq görürəm. Ona görə xahiş edirəm, aydınlıq gətirsinlər ki, burada kimlər nəzərdə tutulub.
Əczaçılıq fəaliyyəti üçün balaca bir apteki olan da 5500 manat ödəməlidir, böyük apteklər şəbəkəsi olan da. Buna da aydınlıq gətirilməsini xahiş edirəm.
Bir də, pasportların qısa müddətə verilməsini alqışlayıram. Eldar İbrahimov yaxşı dedi, 5 gün ərzində 120 manata verilirsə, bunu məsələn, birinci, ikinci və üçüncü 5 günə bölmək olar. Birinci 5 gün 120 manat, ikinci 5 gün ondan az verilsin. Yəni yarım aya bu proses qurtarsın, bir ay ərzində camaatı get-gələ salmasınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, belə çıxır ki, bir-birimizi təkrarlaya-təkrarlaya gedirik. Gəlin, imkan yaradaq, Maliyyə Nazirliyinin nümayəndəsi burada qaldırılan suallara cavab versin. Buyurun.
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Hörmətli millət vəkilləri, çalışacağam ki, burada verilən sualları qruplaşdıram. Hörmətli millət vəkilləri, əsasən, iki məqama toxundular. Bunlardan birincisi, pasportların verilməsi ilə əlaqədar olan diferensiasiyadır, ikinci məsələ lisenziyalaşdırılan fəaliyyət növlərinə tətbiq olunan dövlət rüsumlarının yüksək olmasıdır. Dövlət rüsumunun ağırlaşması ilə əlaqədar bir məqamı nəzərinizə çatdırmaq istəyirəm.
Bu gün pasportlar 5 illik verilir və onlara tətbiq olunan dövlət rüsumu 22 manatdır. Yəni biz bu məqamı dəyişdirib pasportların 10 illik müddətə verilməsini nəzərdə tutmuşuq və adi qaydada buna 40 manat tətbiq eləmişik. Yəni burada rüsumun ağırlaşdırılmasından söhbət getmir. Bu gün pasportlar iki müddətə alınırsa, ümumi yekunda dövlət rüsumunun həcmi 44 manat olur. Bugünkü vəziyyətdə isə bu, aşağı salınır.
Pasport alanın arzusundan asılı olaraq bu, sürətləndirilmiş halda, yəni 5 gün müddətinə verilirsə, 120 manat rüsum nəzərdə tutulur. Bu, digər ölkələrin praktikasında da mövcuddur. Burada qeyri-adi bir şey yoxdur.
Pasportların qiymətlərinin bahalaşmasına gəldikdə isə hörmətli millət vəkillərinin nəzərinə çatdırıram ki, hazırda biometrik pasportların tətbiqi ilə əlaqədar dövlət proqramı qəbul olunub. Növbəti ildən bu pasportların tətbiqinə başlanılacaq. Bunlar mövcud pasportlardan xeyli fərqlənirlər. Terrorizmə qarşı mübarizə ilə əlaqədar bu pasportda xeyli informasiya var. Ona görə pasportun qiyməti artacaqdır. Söhbət burada iki dəfədən getmir. Artıq bir çox Avropa ölkələri bunu tətbiq eləyiblər. Onların praktikası göstərir ki, bu şəkildə istehsal olunan pasportların qiyməti xeyli artıb.
Burada müddətlə bağlı təkliflər səsləndi. Biz hesab edirik ki, bu müddətin bir neçə yerə bölünməsi prosesə nəzarəti çətinləşdirəcək. Eyni zamanda, bəzi millət vəkilləri tərəfindən ümumilikdə bu müddətin aşağı salınması, 30 gündən 15 günə və digər müddətə endirilməsi təklif edildi. Hesab edirəm ki, bu, mümkündür. “Ölkədən getmə, ölkəyə gəlmə və pasportlar haqqında” Qanunda müvafiq dəyişikliklər etməklə bunu həyata keçirmək olar.
Bəzi millət vəkilləri müəyyən güzəştlərin tətbiqi məsələsini qeyd etdilər. Misal üçün, qeyd etdilər ki, xəstələrə təcili pasport almaq lazımdır və onlara 120 manatın tətbiq edilməsi düzgün deyil. Ağacan müəllim isə qeyd etdi ki, yeniyetmə idmançılara pasportlar 50 faiz güzəştlə verilsin. Hesab edirəm ki, bu məqamları nəzərə almaq olar və lazımdır.
Lisenziya ilə əlaqədar məsələlərə aydınlıq gətirmək istəyirəm. Biz bu rüsumları yeni tətbiq etmirik. 2002-ci ildən Nazirlər Kabinetinin 180 saylı qərarı var və bu rüsumlar həmin qərarla tətbiq olunur. Biz, sadəcə olaraq, Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunan rüsumları qanuna salmışıq.
Burada bu rüsumların sahibkarlığın inkişafına mane olacağı ilə bağlı fikirlər səsləndi. 2002-ci ilə kimi ölkədə 280-dan çox lisenziyalı fəaliyyət növləri mövcud idi. 2002-ci ilin oktyabrından Prezidentin fərmanı ilə bu sahələrin sayı kəskin surətdə azaldıldı. Bu qanundan gördüyünüz kimi, hazırda ölkədə cəmi lisenziyaya cəlb olunan 39 fəaliyyət növü var. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, əvvəllər lisenziyalı fəaliyyət növlərinin müddəti 2-3 ilə təsdiq olunurdusa, 2002-ci ildən cənab Prezidentin fərmanı ilə bunlar 5 ilə tətbiq olunur.
Burada millət vəkilləri soruşdular ki, məbləğ göstərilib, ancaq onun tətbiq edilmə müddəti yoxdur. Müddət Prezidentin fərmanı ilə müəyyən olunur. Bütün lisenziyalaşdırma növləri üçün müddət 5 il müəyyənləşdirilib. Düzdür, son zamanlar qəbul olunmuş bəzi qanunlarda artıq bu, müddətsiz də olur. Misal üçün, bank fəaliyyətləri ilə bağlı qanunlarda və yaxın vaxtlarda sizə təqdim olunacaq Sığorta fəaliyyəti haqqında qanunda, ümumiyyətlə, müddətsiz lisenziyaların tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, bu gün millət vəkilləri tərəfindən bu sahə ilə bağlı söylənilən iradları nəzərə almaq olar. Bu, ilk növbədə təhsilə və tibbi fəaliyyətə aid olan lisenziyalarla bağlıdır.
Deputat Fuad Muradov internet şəbəkəsinin genişlənməsi ilə əlaqədar danışdı və qeyd etdi ki, bu sahədə rüsum yüksəkdir. Bu gün mövcud olan vəziyyət belədir ki, rabitə xidmətinə vahid, ən yüksək rüsum tətbiq olunur. Qanunda isə biz bunu bir neçə növə bölmüşük və əslində, bunu aşağı salmışıq. Əgər hörmətli millət vəkilləri bunu da yüksək hesab edirlərsə, ona da yenidən baxmaq olar.
Musa Quliyev qeyd etdi ki, yabançı bitkilərin yığımı ilə əlaqədar dövlət rüsumu 5500 manatdır. Musa müəllimə bildirmək istəyirəm ki, bu, səhv düşüb, bizim təqdim etdiyimiz layihədə 550 manatdır. Bizə millət vəkilləri dedilər ki, spirtli içkilər və tütün məmulatına qoyulan rüsumlar, ümumiyyətlə, aşağıdır. Biz daxili istehsalı stimullaşdırmaq üçün hər iki halda daxili istehsala idxaldan 2 dəfə aşağı rüsum tətbiq eləmişik. Satış üçün isə istənilən satış mərkəzi, istənilən ticarət obyekti bu lisenziyanı ala bilər. Onun ümumi dövriyyəsində bu məhsulun satışı 3-5 faiz təşkil eləyə bilər. Ona görə bu məbləğ aşağıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyahı üzrə çıxış etmək istəyən iki deputat var. Təkid edirlərsə, onlara da söz verək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, iki deputatdan sonra heç kimə söz verməyəcəyəm. Çünki artıq təkrarçılığa yol verilir. Bir məsələ ilə bağlı 15 nəfər çıxış eləyir. Novruzəli Aslanov.
N. Aslanov. Təşəkkür edirəm, hörmətli Sədr. Qeyd eləmək istəyirəm ki, Maliyyə Nazirliyinin nümayəndəsi tərəfindən müvafiq suallara cavab verildi. Onların böyük bir hissəsi məni qane etdi. Ona görə tövsiyə xarakterli bir təkliflə çıxış etmək istəyirəm. Daha yaxşı olar ki, belə dəyişikliklərin müzakirəyə çıxarılması zərf şəklində yox, fərdi qaydada olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ülvi Quliyev.
Ü. Quliyev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də vaxtınızı çox almayacağam. Pasportlarla bağlı burada kifayət qədər fikirlər səsləndi. Sadəcə olaraq, rüsumların qaldırılması ilə bağlı bir məsələyə toxunmaq istərdim. Təbii ki, rüsumların qaldırılması normal haldır. Məsələn, spirtli içkilərə, tütün məmulatına qoyulan rüsumların qaldırılmasını düzgün qəbul eləmək olar.
Mən tibb və əczaçılıq fəaliyyəti üçün müəyyənləşdirilən rüsumların qəti əleyhinəyəm və istərdim ki, bir məsələyə aydınlıq gətirsinlər. “Əczaçılıq fəaliyyəti” ümumi bir anlayışdır. Burada söhbət topdansatış və yaxud pərakəndə satış fəaliyyətdən gedir, yoxsa istehsaldan. Bu 3 sahəni birləşdirmək heç cür məqsədəuyğun deyil. Bundan başqa, tibb fəaliyyəti ilə bağlı böyük bir klinika da açıla bilər, kiçik bir stomatoloji kabinet də. Bunların hamısını eyniləşdirmək olmaz. Şəhərin mərkəzində, ətrafında və kənd yerlərində fəaliyyət göstərənlərin hamısına eyni cür rüsumlar qoymaq heç cür məqsədəuyğun deyil. Xahiş edirəm, bu məsələyə bir aydınlıq gətirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu məsələlərin hamısı büdcəyə aid olduğu üçün büdcə zərfində baxılmalıdır. Hörmətli millət vəkillərinin çox tutarlı iradları, təklifləri oldu. Mən güman edirəm ki, hökumət nümayəndələri bu təklif və iradları gələcək təqdimatlarında nəzərə alacaqlar.
Gündəliyin növbəti məsələsinə keçirik. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. “Mədəniyyət haqqında” Qanunun 40-cı maddəsinə dəyişiklik edilir. 40-cı maddənin birinci abzasının birinci cümləsində “dövlət büdcəsindən maliyyələşdirilir və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür” sözləri “dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir” sözləri ilə əvəz edilir. Bələdiyyə və xüsusi mülkiyyətdə olan təsisatlar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşirlər. Bu məsələ də komissiyada müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə edilib.
Sədrlik edən. Nizami müəllim, Sizin bir əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Məsələ aydındır, amma istəyirəm, bir-iki kəlmə deyim. Qabaqlar belə idi, mədəniyyətə xidmət eləyən dövlət mülkiyyətində olan təsisatların müəyyən gəlirləri var idi və o birbaşa dövlət büdcəsinə keçirilirdi. Bu da mədəniyyətin yaradıcı xarakterinə mənfi təsir edirdi. Çünki biz çalışırıq ki, mədəniyyət müəssisələri müasir bazar şəraitində işləsinlər. Biz həm onlara deyirik ki, bazar şəraitinə uyğunlaşsınlar, həm də faktiki olaraq onları bazar şəraitindən süni şəkildə çıxarırdıq. Çünki onlar nə qazanırdılarsa, dövlət büdcəsinə keçirdi.
İndi nəzərdə tutulur ki, onlar həm dövlət büdcəsindən, həm də digər mənbələrdən maliyyələşsinlər. Onlara stimul verilir ki, qanunla qadağan olunmayan gəlir mənbələrindən istifadə etsinlər və yeni texnologiyaları öyrənsinlər. Demək istəyirəm ki, bu elə bizim mədəniyyət, incəsənət xadimlərinin həmişə arzuladıqları bir məsələdir. Yəni onlar da istəyirlər ki, müəyyən imkanları olsun. Bu imkanları bir az da genişləndirmək lazımdır.
Milli Məclisin deputatları mədəniyyət, incəsənət xadimlərini müdafiə eləməkdən ötrü emosional çıxışlar edirlər və onların vəziyyətinin yaxşı olmadığını göstərirlər. Bu da normal olmayan əhvali-ruhiyyə əmələ gətirir. Əslində, bu, həmin emosiyaların qarşısını alır və bazar iqtisadiyyatı sahəsində mədəniyyətimizin, incəsənətimizin fəaliyyəti üçün hüquqi təminat verir. Ümumiyyətlə, bunu alqışlamaq lazımdır. Yəni bu bizim emosional şəkildə dediklərimizi çox normal və hüquqi bir şəkildə qaydaya salır, tənzim eləyir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəliyin növbəti məsələsinin – “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsinə keçirik. Qanun layihəsinə üç komissiyada baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli cənab Sədr. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər, həqiqətən, çox vacibdir və vətəndaşların pasport alması ilə bağlı meydana çıxan bir çox problemlərin həllinə yönəlmişdir. Millət vəkilləri bundan əvvəlki qanun layihəsinə edilən əlavə və dəyişiklikləri dəstəklədilər.
İlk növbədə, qeyd etməliyəm ki, bütövlükdə müddətlərin qısaldılması istənilən sahədə meydana çıxan qanunsuz hərəkətlərin qarşısının alınmasına yönəlir. Bu baxımdan xidməti pasportların müddətinin 3 ildən 5 ilə, ümumvətəndaş pasportlarının isə 5 ildən 10 ilə qədər artırılması çox mütərəqqi bir haldır. Cənab Prezident tərəfindən təqdim olunmuş bu qanun layihəsi bu sahədə mövcud olan müəyyən problemlərin həllinə yönəlmişdir.
Amma cənab Sədr, məcburam, bundan əvvəl söylənmiş bir fikrə münasibət bildirim. Bundan əvvəl müzakirə etdiyimiz qanun layihəsində verilmiş ümumvətəndaş pasportlarının alınmasına görə dövlət rüsumunun 2 dəfə artırılması məsələsi hörmətli Azər müəllim və hörmətli həmkarım Baba müəllim tərəfindən bu məntiqlə izah edildi ki, əgər verilmə müddəti artırsa, təbii ki, rüsum da artır. Təəssüf edirəm ki, biz bu sadə məntiqi anlamırıq. Əlbəttə, bu belə deyil. Bu məntiqlə çıxış eləsək, 1994-cü ildə qəbul etdiyimiz qanundan sonra rüsumlar bir neçə dəfə artıb, onda pasportların verilmə müddəti də artmalı idi. Səbəb bunda deyil.
Cənab Sədr, daha tutarlı bir arqument tapmaq lazımdır. Ümumilikdə, müddətin artırılması çox müsbət məqamdır. Yadınızdadırsa, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunda biz 40 gün müəyyən etmişdik və çox ciddi problemlər yaranmışdı. Cənab Prezident bundan sonra qanuna dəyişiklik təklif etdi, kommersiya şirkətlərinin qeydiyyatı 40 gündən 5 günə endirildi. Artıq bu gün heç bir şirkətin qeydiyyatı ilə bağlı problem yaranmır.
Əlbəttə, müddətin qısaldılması çox vacibdir. Mən bilirəm ki, ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı da müəyyən suallar olacaq. Artıq var və bununla bağlı müəyyən işlər aparmışıq. Amma etiraf etmək lazımdır ki, pasportların verilməsi asan prosedur deyil. Misal üçün, axtarışda olan şəxslərlə bağlı xeyli yoxlamalar aparmaq lazım gəlir. Hələlik müddətin qısaldılması ilə bağlı konkret bir nəticəyə gəlməmişik. Amma cənab Sədr, mən Sizə demişdim və indi də bu fikirdəyəm ki, 1994-cü ildə və 1997-ci ildə qəbul etdiyimiz bu qanunlara yenidən baxılmasına və bunları tənzimləyən vahid bir qanunun qəbuluna ehtiyac var. O qanunu biz yenidən işləyəriksə, müddət məsələlərinə də qayıtmağımız bu sahədə olan problemin həllinə yönəlmiş olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əli müəllim çox vacib bir qanun haqqında fikirlərini dedi. Doğrudan da, bunun 10 il müddətinə verilməsi vacibdir. Bu həm də idarənin iş rejiminə bir yüngüllük gətirəcəkdir. Çünki 5 ildən bir idarəyə müraciət əlavə yükün artmasına səbəb olurdu. Ancaq mən də o fikirdəyəm ki, 5 gün müddəti mübahisə obyekti olacaqdır. Bir də, biz dövlət reyestri ilə bağlı qanun qəbul eləyəndə bu və ya digər insan haqqında məlumatların toplanması üçün başqa müddət müəyyən etmişdik. Hesab edirəm ki, 5 gün ərzində tələsik məlumatlar toplayıb pasport verməkdənsə, vaxtı 10 gün uzatmaq olar. Nəticədə elə həmin məbləği ödəyərək pasportu almaq olar. Ümumiyyətlə, dəyişikliyi yüksək qiymətləndirirəm. Komissiyamızda da bu məsələ müzakirə olunmuşdur. Çox lazımlı dəyişiklikdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sözsüz ki, ümumvətəndaş pasportlarının etibarlılıq müddətinin 10 ilədək və xidməti pasportların 5 ilədək uzadılması mütərəqqi bir addımdır. Bu, ilk növbədə Azərbaycan Respublikası vətəndaşlarının və xidməti vəzifələrini icra edən səlahiyyətli şəxslərin, bütövlükdə isə dövlət mənafelərinin təmin olunmasına yönələn bir addımdır. Bu addım ancaq təqdir olunmalıdır. Büdcə zərfində dəyişikliklərin təklif edilməsini komissiyamız çox müsbət qiymətləndirir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının mövqeyi belədir ki, pasportların müddətinin uzadılması ilə əhalini narahat edən süründürməçilik və müəyyən xoşagəlməz halların qarşısı qismən də olsa alınacaqdır.
Mən burada çıxış eləyən Maliyyə Nazirliyinin təmsilçisinin çıxışına istinadən bir məsələni demək istəyirəm və bu barədə düşünmək üçün kifayət qədər əsas da var. Bu, müddətin 30 gündən 15 günədək azaldılması ilə bağlıdır. Mənə elə gəlir ki, ciddi düşünməyə dəyər. Bu barədə imkanları hesablamaq lazımdır. Doğrudan da, axtarışda olan şəxslərin identifikasiyası ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaq üçün 15 gün müddəti kifayətdir.
Mənim, ümumiyyətlə, iki sırf texniki xarakterli təklifim var. Mənə elə gəlir ki, aparıcı komissiyanın sədri hörmətli Əli müəllim onları qəbul edər. Qanunda “bir ay keçənədək” ifadəsi işlənir. Bu, Azərbaycan qanunvericiliyi üçün uğurlu ifadə deyil. Azərbaycan qanunvericiliyində müddət anlayışı təsbit olunub. Hüquq terminologiyasının unifikasiyasını aparmaq məqsədi ilə və onun zəruriliyini nəzərə alaraq bunu “ən geci bir ay müddətinə” ifadəsi ilə əvəz edilməsini təklif edirəm. Bir də, belə bir ifadə var: ümumvətəndaş pasportuna uşaqlar yazılmalı və şəkillər yapışdırılmalıdır. Bu da belə olmalıdır: uşaqların adları yazılmalı və fotoşəkillər yapışdırılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Maliyyə Nazirliyinin nümayəndəsi dedi ki, müddətin uzadılması bizə aid deyil və diferensasiya buna nəzarət mexanizmini çətinləşdirir. Biz əlavələri ona görə edirik ki, insanların həyatını yüngülləşdirək. Bütün bunların son nöqtədə vətəndaşın üzərində dayanacaq.
Ümumiyyətlə, bu sənədə niyə dəyişiklik edilir? Rəbiyyət xanım da buna toxundu. Gəlin, açıq danışaq, biz yazırıq ki, bu, 30 gün müddətinə verilir. Vətəndaş pasport alanda ona deyirdilər ki, növbəyə dur, gözlə, bir ay vaxt var, verəcəyik. 100-150 dollar verən kimi bu, bir həftəyə düzəlirdi. Burada çox böyük məbləğlərdən söhbət gedirdi. Heç kəsə sirr deyil ki, daxili işlər orqanlarında çalışan hər kəs pasport masada işləmək istəyirdi. Niyə? Hər kəs bunun səbəblərini bilir.
Onsuz da insanlar bu vəsaiti verir. Biz əgər bu məbləğin dövlət büdcəsinə keçirilməsinin tərəfdarıyıqsa, o zaman gəlin, bunu bir az da düzəldək. Əgər bu vaxt azalmayacaqsa, birincisi düzdür, Gültəkin xanım dedi, Əli müəllim də deyə bilər, “ən geci bir ay müddətinə” sözləri əvvəlki qanunlarda olub. Biz bu dəyişiklikləri ediriksə, bunu düzəldə bilərik, “ən geci bir ay” yaza bilərik. “Ən geci bir ay keçənədək”nə deməkdir? Ümumiyyətlə, bu vaxtı qısaltmaq olar. Dünyanın heç bir yerində belə bir mexanizm yoxdur. Biz bunu 15 gün qısalda bilərik.
Maliyyə Nazirliyinin nümayəndəsi deyir ki, çox diferensiasiya aparmaq olmaz. Onda ortaya hansı mənzərə çıxacaq? 5 gün müddətinə 120 min manat verib alacaqlar. Sonra, insanlar pasport alanda deyəcəklər ki, yox, bilirsiniz, 5 günlə 30 gün arasında 25 gün vaxt var. Biz bu 25 gün vaxtı verəcəyik, bir ay ərzində insanlar yenə kifayət qədər rüşvət verəcəklər və bu vəsait dövlətin büdcəsindən yayınacaqdır. Onda ya biz bunu qəbul etməliyik, ya da bu vaxt 15 gün müddətinə endirilməlidir. O zaman 5 gün müddətində 120 min manat, – bəlkə bir az da aşağı etmək olar, – 15 gün müddətində isə 40 manat ödənilir.
Əgər bu belə qalacaqsa, o zaman bizim etdiyimiz dəyişikliyin ciddi bir mahiyyəti olmayacaq. Çünki 5 gün qısa bir müddətdir, 120 min manat gedəcək, amma aradakı 25 gün müddətində pasportların verilməsində həmin sistem yenidən qalacaq. Mən düşünürəm ki, bu düşüncənin altında olan insanlar da bunun belə alınmasını istərdi. Oqtay müəllim, Sizdən də, millət vəkillərindən də xahiş edirəm ki, biz bu məsələləri bir-birindən ayrı şəkildə yox, birlikdə müzakirə edək. Ya bu vaxt qısaldılır, ya da diferensiasiya arasındakı 5 günlə 1 ayın arasında bir vaxt müəyyən olunur. Burada da rüsumların həddi azaldılır. Çünki bu qədər rüsumla pasport almaq, təbii ki, çətin olacaq.
Bu pasportları daha çox kim alır? Rusiyaya işləmək üçün gedən vətəndaşlarımız, bir də Gürcüstana gedənlər. Onların çoxu turist kimi kef üçün gedənlər deyil, öz həyat şəraitlərini düzəltmək üçün gedənlərdir. Ona görə mən xahiş edirəm ki, bu məsələni diqqətlə nəzərdən keçirək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə xanım, təkrarçılıq edirik. Həm də hər dəqiqə “pasportların vaxtının uzadılması, azaldılması rüşvətxorluğa gətirir” demək o qədər də yaxşı alınmır. Hesab edirəm ki, danışdıq, hökumət baxacaq və cavabını verəcəkdir. Təkrarçılıq etmək lazım deyil. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Cənab Sədr, mən qeyd etmək istəyirəm ki, həqiqətən də, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun Maliyyə Nazirliyinin nümayəndəsinə aid deyil, o bunu cavablandıra bilməyəcək. Çünki bu, ayrı sahənin predmetidir. Sizin özünüzün də tapşırığı olub ki, əvvəl qəbul etdiyimiz qanunlara bir daha baxaq. Gültəkin xanımın dediyi redaktə xarakterli iki düzəliş, həqiqətən, yerindədir.
Mən onu söz verə bilərəm ki, müddətlə bağlı müəyyən təkliflər qəbul olunub. İndi növbəti təkliflər pasportun verilməsi ilə bağlıdır. Bir qrup təkliflərimiz də var. Əgər icazə versəniz, bu paket təklifləri, misal üçün, müddətin mümkün qədər qısaldılması məsələsini qanunvericilik təşəbbüsünün subyekti ilə bir daha müzakirə edərik. İşçi qrupu yaradılıb, Daxili İşlər Nazirliyinin nümayəndələri də orada iştirak edirlər. Nəticəni Sizə məruzə edə bilərəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz bu barədə danışmışıq, hazır edin və bu istiqamətdə işi davam etdirin. Hörmətli millət vəkilləri, gündəlikdə 4 məsələ qalıb. Bunlar da büdcə zərfinə daxil olan məsələlərdəndir. Əgər etiraz etmirsinizsə, tənəffüssüz işləyək. Bu gün 6-cı iclasdır. Bu məsələlərin müzakirəsini yekunlaşdıraq, sonra hökumətə 10 gün vaxt verək ki, hörmətli millət vəkilləri tərəfindən verilən təklif və iradlara öz münasibətlərini bildirsinlər. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, çıxış edəndə bir az konkret olun, təkrarçılıq etməyin. Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsində Cinayət Məcəlləsinə bir dəyişiklik nəzərdə tutulur. 213-cü maddədə vergilərdən yayınma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Burada hansı əməllərə görə cinayət məsuliyyəti sadalanır. Bura “məcburi dövlət sosial sığorta haqları” sözləri əlavə edilir.
İkinci bənddə isə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. 53-cü maddədə “hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək miqdarda” sözləri çıxarılır. Hesab edirəm ki, hər iki məcəlləyə edilən dəyişikliklər məqbuldur və səsə qoyulub qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gündəliyin növbəti məsələsi “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi cənab Prezident tərəfindən təqdim edilmişdir. Qanun layihəsində güzəştlərin qüvvədə olma müddətinin 2010-cu il yanvarın 1-dək uzadılması təklif olunur. Məsələ komissiyanın iclasında Milli Bankın və digər bankların nümayəndələrinin iştirakı ilə müzakirə edilmişdir. Bu qanun layihəsinin qəbul edilməsi Milli Məclisə tövsiyə olunur.
Sədrlik edən. Sağ olun. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqındadır. Milli Məclisin İşlər müdiri Firudin Hacıyeva söz verilir.
F. Hacıyev, Milli Məclisin İşlər müdiri.
Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 14 milyon 551 min 304 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir.
Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə paylanmışdır. Milli Məclisin və onun aparatının 2007-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binalarda yerləşən mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında hesablanmışdır. Xərclər smetasının ümumi dəyərinin 77,8 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, deputatların, Milli Məclis Aparatının və İşlər İdarəsi əməkdaşlarının əmək haqlarının və deputatların səlahiyyətlərinin yerinə yetirilməsi üçün pul təminatının məbləği cari ildə olduğu kimi nəzərdə tutulmuşdur.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizə səfərə gələn qonaqların və Milli Məclis deputatlarının xaricə ezamiyyətlərinin sayı kifayət qədər artmışdır. Belə ki, cari ilin 10 ayı ərzində Milli Məclisin deputatları çoxsaylı xarici və ölkədaxili ezamiyyətlərdə olmuşlar. Bununla bağlı, 2007-ci ilin xərclər smetasının “Ezamiyyə xərcləri” maddəsində 790 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu isə 2006-cı illə müqayisədə 13 faiz, yəni 90 min manat çoxdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətlərinin haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 192 min 160 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunan vəsaitdən 46 min 160 manat Milli Məclisə xidmət edən Xətai və Yasamal rayonlarının telefon qovşaqlarının, “AzEvrotel” birgə müəssisəsinin, Səbail rayon poçt-teleqrafının, hökumət ATS-nin, şəhərlərarası telefon stansiyasının və digər rabitə təşkilatlarının illik abunə haqlarının və xidmətlərinin ödənişi üçün, 131 min manat beynəlxalq danışıqlar, 15 min manat isə Avropa Şurası Parlament Assambleyasından edilən beynəlxalq danışıqlar üçün nəzərdə tutulmuşdur.
2007-ci ilin xərclər smetasında “Nəqliyyat xidmətlərinin haqqının ödənilməsi” yarımmaddələri üzrə cəmi 186 min 827 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ildə nəzərdə tutulandan 14 min 994 manat çoxdur. “Nəqliyyat vasitələrinin alınması” yarımmaddəsi üzrə isə 176 min 500 manat vəsait nəzərdə tutulmuşdur. Bildirmək istəyirəm ki, 2007-ci ilin xərclər smetasının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2006-cı illə müqayisədə 1,8 dəfə, yəni 522 min manat azaldılaraq 806 min 500 manat məbləğində müəyyənləşdirilmişdir.
2007-ci ilin xərclər smetasında təsərrüfat xərcləri üçün nəzərdə tutulmuş vəsait 27 min 802 manat, kommunal xərcləri üçün isə 78 min 778 manat artırılmışdır. Gələn ilin smetasında “İstehlak mallarının və materiallarının alınması” maddəsi üzrə 2006-cı ildə olduğu kimi 442 min manat vəsait nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətinin qəbulu, onlara göstərilən xidmətlər və sair xərclər yarımmaddələri üzrə 2007-ci il üçün 266 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu isə 2006-cı illə müqayisədə 50 min manat çoxdur.
Hörmətli deputatlar, Azərbaycanda gedən quruculuq işləri bütün sahələri əhatə etdiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisindən də yan keçməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr və 2006-cı il 7 iyun tarixli fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun, 8 fevral və 30 avqust tarixli sərəncamlarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, inzibati binalarında təmir və yenidənqurma işləri, kondisioner-ventilyasiya sisteminin quraşdırılması, həyətyanı sahənin abadlaşdırılması və sair işlərin görülməsi üçün əsaslı vəsait ayrılmışdır.
Hörmətli deputatlar, Milli Məclis Sədrinin birbaşa rəhbərliyi ilə ən qısa müddətdə Milli Məclisin iclas salonunda müasir standartlara cavab verən yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Qeyd olunan işlər elan edilmiş tenderlərin qalibləri olan bir sıra yerli və xarici şirkətlər tərəfindən yerinə yetirilmişdir. İclas salonunda quraşdırılmış avadanlıq – Almaniya, Türkiyə, Yaponiya və bir sıra Avropa ölkələrindən alınmış səsvermə, kompüter və televiziya sistemləri ən yüksək səviyyədə müasir standartlara cavab verir.
Məlumat üçün bildirmək istəyirəm ki, hələ 1980-ci ildə quraşdırılmış kondisioner – ventilyasiya sisteminin tam yararsız hala düşməsi səbəbindən uzun illər yay-qış mövsümlərində inzibati binaların isidilib-soyudulmasında çətinliklərlə üzləşirdik. Artıq bu cətinliklər geridə qalmışdır. Milli Məclisin iclas salonunda, inzibati binanın maşın zalında, xidməti otaqlarda, foyelərdə müasir tipli kondisioner, ventilyasiya və soyutma sistemləri quraşdırılmışdır. Eyni zamanda, maşın zalında yenidənqurma işləri ilə birlikdə müasir tipli yeni qazanxana tikilib istifadəyə verilmişdir.
Bundan başqa, inzibati binanın sahəsi 9.000 kvadratmetr olan fasad hissəsi Yaponiya istehsalı olan alkopon materialı ilə üzlənmiş və pəncərələr müasir tipli temperli şüşə paketli alüminium pəncərələrlə əvəz edilmişdir. Eyni zamanda, həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində Milli Məclisin binası tam yeni görkəm almış, həm xarici görünüşü, həm də daxili interyeri yüksək standartlara cavab verəcək səviyyəyə qaldırılmışdır.
Hörmətli deputatlar! Bildiyiniz kimi, deputat korpusu 2005-ci ildən etibarən əsaslı təmir edilmiş və tamamlama işləri 2006-cı ilin mart ayında başa çatmışdır. Milli Məclis Sədrinin göstərişinə əsasən deputatların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 ədəd mini ATS quraşdırılaraq hər bir deputat üçün xüsusi operativ rabitə və şəhər telefonu ayrılmışdır. Belə ki, 2006-cı ilədək 11 deputata 1 hökumət telefonu ayrılmışdı ki, bu da deputatlar tərəfindən haqlı narazılıqlara səbəb olurdu. Eyni zamanda, cari ildə Milli Məclisə 64 ədəd müasir tipli kompüter alınıb, quraşdırılmışdır. Bundan başqa, 2006-cı ildə Milli Məclisin avtoparkının maddi-texniki bazası yaxşılaşdırılmış və bir sıra avtomobillər alınıb istifadəyə verilmişdir.
Hörmətli Sədr, hörmətli deputatlar! 2007-ci il dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə, suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2007-ci il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Çıxış etmək istəyənlər var. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən Milli Məclisin xərclər smetası ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Biz deputat seçiləndən bəri eşitmişik ki, hər bir deputata maşın veriləcək və sürücü ştatı ayrılacaq.
Sədrlik edən. Elmira xanım, eşitmək başqa söhbətdir, demək başqa. Haradan eşitmisiniz onu?
E. Axundova. İcazə verin, mən davam edim.
Sədrlik edən. Həmişə söhbət olur, neçənci dəfədir, deyirlər ki, eşitmişik. Bu söhbət nə vaxt həll olunacaqsa, onda dedikləriniz olacaq.
E. Axundova. Ancaq indi gördüyümüz kimi, gələn ilin büdcəsində yenə də bu vəsait ayrılmayıb. Halbuki mənim kimi deputatlar üçün bu, mühüm problemdir. Mən iş adamı deyiləm, müəssisə rəhbəri deyiləm. İndi maaşımın yarısını minik maşınının saxlanmasına və sürücünün maaşına yönəltmişəm. Biz rayonlara ayda, heç olmasa, bir dəfə gedirik və ezamiyyə xərcləri də öz hesabımızadır. Başa düşə bilmirəm, deputata belə etinasızlıq nədən irəli gəlir? Adi nazirlikdə şöbə müdirləri xidməti maşınlarda gəzirlər və onlarda az qala hər il maşın parkı təzələnir. Deputat korpusu isə yenə də maşınsız qalır.
Yada salmaq istərdim ki, 125 deputatı xalq seçir və hərəmizə 30-40 min nəfər əhali səs verir. Deputatların layiqli iş şəraitinin olmaması seçicilərimizə də toxunur və bizim onlarla ünsiyyətimizi məhdudlaşdırır. Mən hörmətli Baş nazirimiz Artur Rasizadədən, maliyyə naziri Samir Şərifovdan çox xahiş edirəm, bu məsələyə təzədən baxsınlar və deputatlara xidməti maşın ayırsınlar. Heç olmasa, 2007-ci il üçün deputatlara bu məqsədlərə görə əlavə vəsait ayırsınlar.
İkinci məsələ ondan ibarətdir ki, bildiyimə görə, deputatlara məsləhətçi statusunda köməkçi veriləcək və onlara təxminən 370 min manat həcmində maaş veriləcəkdir. Bu çox gözəl bir haldır, mən bunu dəstəkləyirəm və buna görə təşəkkürümü bildirmək istəyirəm. Mənim bu smetanı hazırlayan şəxslərə bir sualım var. Olmazmı ki, bu məbləği biz iki yerə bölək və 0,5 ştatla iki köməkçi götürək? Məsələn, mən Masallıdan seçilmişəm. Mənə həm Bakıda, həm də Masallıda köməkçi saxlamaq vacibdir. Ona görə xahiş edirəm, bu məsələdə Milli Məclisin rəhbərliyi bizi eşitsin və biz həmin məbləğə, – mən demirəm ki, bu məbləğ artırılsın, – iki köməkçi saxlamaq hüququ qazanaq. Əlbəttə, gələcəkdə bu məbləğ artırılmalıdır. Beləliklə də, biz 125 yox, 300-400 yeni iş yeri aça bilərdik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox hörmətli Sədr, mən diqqəti ona cəlb etmək istəyirəm ki, dövlət büdcəsindən gəlirlərin bölüşdürülməsində və xərclərindəki ədalətsizlik nəinki əhalinin ən aşağı təbəqəsi ilə daha imkanlı təbəqəsi arasında, o cümlədən hakimiyyət orqanları arasında da müşahidə olunur. Mən bir suala cavab almaq istəyirəm. Necə olur ki, Prezidentin İcra Aparatının xərci 224 faiz, Milli Məclisin xərci isə 149 və ya 145 faiz artır? Mən belə bir suala cavab almaq istəyirəm ki, niyə Prezidentin İcra Aparatının xərclərində yumşaq mebel və xüsusi geyim xərcləri bir ildə və yaxud 2005-ci ilə nisbətən 5 min faiz artırılır? Orada başqa bir bənd də var. Maşın və digər avadanlıqlar bölməsi 1014 faiz artırılır, amma müvafiq bəndlər, ümumiyyətlə, Milli Məclisin xərclərində yoxdur. Mən hesab edirəm ki, yumşaq mebel və xüsusi geyimlərə ehtiyac da yoxdur, amma maşın və avadanlıqlar məsələsində Milli Məclisin Aparatının xərcləri 10 dəfə aşağı nəzərdə tutulur. Mən özüm də daxil olmaqla deputatların maaşları barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, Azərbaycanda yeganə haldır ki, millət vəkillərinin mütləq əksəriyyətinin maaşı seçicilərə, onların gördükləri işə sərf olunur. Nazirliklərdə və Prezidentin İcra Aparatında heç kəs onları qapıda qarşılayıb bu və digər məsələlərə görə yardım istəmir. Bu ancaq deputatlara və Milli Məclisə aid olan məsələdir. Çox xoş olan bir məsələdir və biz buna hazırıq. Amma hər halda bu, ciddi şəkildə nəzərə alınmalıdır və diqqətə çatdırılmalıdır.
Hörmətli Sədr, Sizin Milli Məclisin təmiri sahəsində və başqa məsələlərdə gördüyünüz işləri qiymətləndiririk. Amma mənə elə gəlir ki, bu dediyim məsələləri qanunla tələb etmək lazımdır. Hörmətli Elmira xanım Baş nazirdən və maliyyə nazirindən xahiş edir. Əgər büdcə və gəlirlərin xərclənməsi məsələsində Milli Məclisin rolu varsa, biz bu məsələlər ətrafında xüsusi qanunu özümüz də qanunvericilik qaydasında qəbul edə bilərik. Milli Məclisin deputatları bir tərəfə, mən başa düşə bilmirəm, nəyə görə bizim Milli Məclis Aparatının müvafiq vəzifəli şəxsləri ilə Prezidentin İcra Aparatının müvafiq vəzifəli şəxsləri arasında maaş fərqi yaranır? Yəni orada da şöbə müdirləri var, burada da, orada da məsləhətçilər var, burada da. Hörmətli Şakir müəllim niyə ona uyğun müvafiq vəzifəli şəxsdən aşağı maaş almalıdır? Onu gördüm, ona görə adını çəkirəm. Bu, tamamilə ədalətsizlikdir. İcra və qanunverici orqanlar bərabərhüquqludur və mən hesab edirəm ki, Azərbaycan xalqı və dövləti üçün Milli Məclisin Aparatı heç də Prezidentin İcra Aparatından az iş görmür. Tez-tez belə fikirlər səslənir, guya maaşlar ona görə artırılır ki, korrupsiya olmasın, rüşvət alınmasın. Bu məsələyə Prezidentin İcra Aparatının müəyyən etirazı ola bilər. Belə görünür, onların maaşı daha çox artırılır ki, onlar daha çox korrupsiyaya uğrayıblar? Bu məsələyə də aydınlıq gətirilməlidir.
Sonda, kitabxana məsələsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Bütün dünyada parlamentlərin üzünü ağ edən məsələlərdən biri onun kitabxanasıdır. Mən bizim ən yuxarı mərtəbədə damın altında yerləşən kitabxanaya ayrılmış otağın guya Türkiyə Respublikası Cümhuriyyətinin hədiyyəsi olduğu haqqında yazını oxuyanda, sözün doğrusu, bir az eybimə gəlir. Mən hesab edirəm ki, xərclər smetasında xüsusi bənd ayrılmalıdır və ən yüksək ixtisaslı kadrlar, əməkdaşlar cəlb olunmaqla Azərbaycan Respublikası Milli Məclisinin gözəl bir kitabxanası yaradılmalıdır. Vəsaiti bu məsələyə xərcləməkdən çəkinmək lazım deyil. Bizim deputatlara da, onların gələcək köməkçilərinə də belə kitabxana vacibdir. Bu, Milli Məclisin, bütövlükdə Azərbaycanın üzünü ağ edən məsələdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Hüquqi dövlətin əsas prinsipləri qanunun aliliyi və hakimiyyət bölgüsüdür. Hakimiyyət bölgüsünün prinsipi nə qədər düzgün şəkildə həyata keçirilərsə, hakimiyyətin müxtəlif budaqları – qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında balans nə qədər düzgün qorunarsa, bu, cəmiyyətin, dövlətin inkişafına bir o qədər təkan verər. Qanunvericilik hakimiyyətinin çəkisinin, nüfuzunun artması vətəndaş cəmiyyəti qurulması istiqamətində ən böyük addımdır. Biz bu gün vətəndaş cəmiyyəti quruculuğu istiqamətində çox ciddi, cəsarətli addımlar atırıqsa, onda parlamentin bu istiqamətdə çəkisi barədə danışmaq artıqdır. Parlamentin cəmiyyətin inkişafında öz mövqeyi, öz töhfəsi vardır.
Mən çox sevinirəm ki, son dövrdə Azərbaycan parlamentinin siması, çəkisi dəyişir. Bu gün bizim istifadəmizə verilən bu zal təkcə gözəl, normal şərait demək deyil, həm də Azərbaycan parlamentinin, Azərbaycan qanunvericiliyinin siması deməkdir. Deyərdim ki, bu, ölkəmizdə deputata, qanunvericilik hakimiyyətinə olan münasibəti köklü surətdə dəyişən bir hadisədir.
Eyni zamanda, bu, Azərbaycan dövlətinin də siması deməkdir, çünki Azərbaycan parlamenti Azərbaycan dövlətinin əsas atributlarından biridir. Buna görə də mən kifayət qədər məhdud bir zaman və vəsaitlə bu işi görən insanlara ancaq təşəkkür edə bilərəm. Düşünürəm ki, bununla biz dövlətimizə xidmət etmiş oluruq. Azərbaycan Prezidenti bizə böyük etimad göstərdi, vəsait ayırdı və parlament rəhbərliyi də bu çətin, məsuliyyətli işin öhdəsindən uğurla gələ bildi, etimadı doğrultdu. Mənə elə gəlir ki, parlamentin cəmiyyətdəki çəkisinin, nüfuzunun artması istiqamətində bizim bundan sonra da görəcək işlərimiz var və bunlar çoxdur.
Bütün dünyada parlamentlərin iki başlıca funksiyası var: qanunvericilik və büdcəyə nəzarət. Büdcəyə nəzarət istiqamətində bizim əsas mexanizmimiz Hesablama Palatasıdır. Həmkarlarım da bu fikri təsdiqləyər, hörmətli Sədrimiz Oqtay müəllimə minnətdaram ki, Hesablama Palatasının dövlət büdcəsi haqqında rəyinə tənqidi fikirlərini bildirdi. Doğrudan da, Hesablama Palatası fəaliyyətində yenilik yaratmalı, özünü tamamilə təkmilləşdirməli və dövlət büdcəsinə daha ciddi nəzarətin həyata keçirilməsi istiqamətində bizə yardımçı olmalıdır.
Ancaq mən indi qanunvericilik fəaliyyəti ilə bağlı bir təkliflə çıxış etmək istəyirəm. Azərbaycan Respublikası Milli Məclisinin deputatları qanunvericilik təşəbbüsü hüququnun subyektləridir. Ancaq biz bu gün parlamentdə qəbul edilən qanunları təftiş etsək, onların hansı qanunvericilik təşəbbüsü subyektindən gəldiyini araşdırsaq, görərik ki, bunların böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olub. Parlamentin şöbələri, müvafiq komissiyalar tərəfindən çox az sayda qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilir. Bunun da düşünürəm ki, obyektiv səbəbləri var. Bu gün parlamentdə mövcud olan imkanlar, – yəni ekspertlər, mütəxəssislər, – bizə şərait yaratmır ki, istədiyimiz səviyyədə dünya standartlarına cavab verən qanun layihələri hazırlayaq və parlamentə təqdim edək. Nəticədə qəbul olunan qanunlarda ciddi qüsurlar mövcud olur.
Bu qüsurlar, əsasən, 3 sahəni əhatə edir. Birincisi, qanunların hüquqi ekspertizası yüksək səviyyədə aparılmır və müəyyən məqamda kolliziyalı vəziyyətlər yaranır. Digər tərəfdən, qanunların mütləq linqvistik və terminoloji ekspertizası aparılmalıdır. Bu ekspertiza da demək olar ki, aparılmır və nəticədə qanunların keyfiyyəti aşağı düşür. Maliyyə-büdcə ekspertizası da mütləq aparılmalıdır, çünki qəbul olunan hər bir qanunun maliyyə təminatı, büdcədə bu qanunun icrası üçün müvafiq vəsaitin olub-olmaması nəzərdən keçirilməlidir. Bütün bunları Milli Məclisin Aparatında birlikdə araşdırmaq, saf-çürük etmək bəlkə də yaxşı olar. Milli Məclisin nəzdində bir hüquq ekspertiza şurası, yaxud da qurumu yaradılmalıdır. Belə olarsa, lazım gələndə müəyyən tanınmış mütəxəssisləri ölkə daxilindən, xaricdən bu işə cəlb etmək olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İcazə verin, burada səslənən bəzi suallara cavab verim. Elmira xanım mənim sözlərimdən bir az incidi. Maşın məsələsini birinci mən qaldırmışdım, ancaq sonra gördüm ki, biz bu maşınların alınmasına hazır deyilik. Çünki 125 yeni maşını qəbul etməyə bizim nə bazamız var, nə də imkanımız. Bizim maddi-texniki bazamız olmalıdır ki, o maşınları ala bilək. O maşınlar üçün 125 nəfər də sürücü lazımdır. Biz buna hazır deyilik. Biz istəyirik, hər şey birdən olsun.
Mən hesab edirəm, biz bu il çalışmalıyıq ki, millət vəkillərinin şəraitlərinin yaxşılaşdırılması üçün yeni binanın tikintisini qabağa salaq. Hər millət vəkilinin ayrıca otağı olmalıdır ki, seçicilərlə görüşsün, danışsın və işləsin. Biz istəyirik ki, deputatların köməkçiləri olsun, buna nail olduq. Deyirsiniz ki, bir köməkçi bəs eləmir. Hər şeyi birdən etmək olmaz. Xahiş edirəm, biz bir-birimizə də hörmət edək. Ayrılmış həmin pula iki köməkçi saxlamaq olmaz. Dövlət qulluğu haqqında qanun var, onlar aparatın işçisi olacaq, əmək haqqı alacaqlar. Qanunvericiliyi özümüz yaradırıq, ona görə də “Dövlət qulluğu haqqında” Qanuna riayət etməliyik. Hələlik bir nəfər köməkçi ayrılır və bu, 2007-ci ilin büdcəsində nəzərdə tutulub.
Pənah bəyin söylədiyi kimi, bizə mükəmməl kitabxana lazımdır. Amma bütün bunlar üçün şərait olmalıdır. Milli Məclis bu haqda fikirləşir. Mən keçən dəfə dedim, bunlar investisiya proqramında yazılıb. İnvestisiya proqramında Milli Məclisə kifayət qədər maliyyə ayrılıb ki, yeni bina tikilsin və dediyim məsələlər 2007-ci ildə həll edilsin. Bir də, xahiş edirəm, bir az konkret danışın. Biz Milli Məclisin xərclər smetasını müzakirə edirik, amma tamam başqa məsələlərdən danışırıq. Fərrux Zeynalov.
F. Zeynalov. Hörmətli Oqtay müəllim, mənim, ümumilikdə, Milli Məclisin xərclər smetası haqqında layihəyə iradım yoxdur, yalnız ezamiyyə xərcləri barədə bir neçə kəlmə demək istəyirəm. Bizim parlamentlərarası əlaqələr üzrə işçi qrupları bu gün lazımi səviyyədə işləyə bilmirlər. Bu, maliyyə çətinlikləri ilə bağlıdır. Amma bu ilə nisbətən gələn il üçün 13 faiz artım mən hesab edirəm ki, azdır. Təcrübə göstərir ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupları nə qədər fəal işləsələr, bir o qədər Azərbaycan üçün önəmlidir. Mümkünsə, bu sahəyə bir az diqqət artırılsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən Sizinlə tamamilə razıyam. Biz bu sahəyə diqqəti artıracağıq. Biz istəyirik ki, bu qruplar daha fəal işləsinlər. Deputatlar nəinki ezamiyyəyə getsinlər, həm də qonaqları qəbul edə bilək. Biz bu barədə hökumətlə danışmışıq, hesab edirəm ki, nəzərə alınacaqdır. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun, Oqtay müəllim. Mənim 3 təklifim var. Birincisi, parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bağlıdır. Biz hər dəfə səfərə gedəndə maliyyə problemi ilə rastlaşırıq. Xüsusi olaraq bu sahə üçün ayrılan maliyyə parlamentin büdcəsində ayrıca göstərilsəydi, çox yaxşı olardı. Bunun üzərində, parlamentlər arasında böyük siyasət qurmaq olardı. Çünki Xarici İşlər Nazirliyinin əməkdaşları, bizim ayrı-ayrı səfirliklərdəki nümayəndələrimiz çox zaman o işləri görə bilmirlər. Çünki onlar bizim kimi sərbəst, açıq danışa bilmirlər. Hər halda diplomatiyadır, onların özlərinin xüsusi funksiyaları var. Amma müasir dövrdə xalq diplomatiyası inkişaf edir. Bunu da ən yaxşı, ən professional şəkildə deputatlar həyata keçirə bilərlər.
Bir məsələni də hörmətli Gültəkin xanım qaldırdı. Mən istəyirəm, onun mexanizmini tapaq və işlədək. Keçən 5 il ərzində də mən bunu gördüm və indi də görürəm ki, qanunların müzakirəsində əsas diqqət texniki düzəliş adı ilə stilistikaya verilir. Gəlin, açıq danışaq. Prezidentin İcra Aparatından gələn qanunlarımız da stilistik baxımdan lazımi səviyyədə olmur, daha çox tərcümə üzərində qurulur. Xarici İşlər Nazirliyindən gələn sənədlər də belədir. Siz də hər dəfə burada onu deyirsiniz. Çox yaxşı ki, əvvəllər bu sənədlər rus və ingilis dillərində gəlirdi, indi Azərbaycan dilində gəlir. Bunlar təbiidir. Biz yeni dövlətik, bu mərhələləri keçməliyik. Azərbaycan dilinin də gücü elə deyil ki, indiki səviyyədə beynəlxalq qanunları əks etdirə bilsin.
Ona görə də mən təklif edərdim ki, Milli Məclisdə bir qrup yaradılsın və onun ayrıca maliyyə smeta sistemi olsun. Yəni bu qrup qanunların dili ilə məşğul olsun. Həm də indiyə qədər qəbul etdiklərimiz qanunlara da baxsınlar. Bəzən biz deyirik ki, qanunda bu ifadə işlənir, axı, Azərbaycan dili var, “bir aydan gec olmayacaq müddətdə” sözləri Azərbaycan dili deyil. “Bir aydan gec olmayaraq” sözləri də elə həmin şeydir. Bu mənada 5-10 nəfərdən ibarət xüsusi bir institut lazımdır. Bizim danışıqlarımızın çoxu onsuz da stilistik qüsurların aradan qaldırılmasına gedir.
Nəhayət, Oqtay müəllim, bizim ən böyük qüsurlarımızdan biri qanunlarımızın təbliğ olunmamasıdır. Bizim Milli Məclisdə qəbul olunan qanunlar komissiyadan bir hücrə daxilində keçir, Milli Məclisdə səslənir. Əgər biz vətəndaş cəmiyyəti qururuqsa, Milli Məclisin buna uyğun bir mexanizmi olmalıdır. Kiçik broşürlər buraxılmalı, qanunların təbliği ilə bağlı konfranslar keçirilməlidir. Bizim cəmiyyətimiz bilməlidir ki, hansı qanunlarla yaşayır. Biz qanunlar qəbul edirik, rəsmi dövlət təşkilatları bunları bilir, amma camaat bilmir. Düzdür, camaatın hər şeyi bilməsi vacib deyil, amma onlar ümumi şəkildə bunlardan xəbərdar olmalıdırlar. Konstitusiyanın təbliğindən başlayaraq bu işlər görülməlidir.
Elə bilirəm ki, bu işləri görmək üçün Milli Məclisin ayrıca vəsaiti olmalıdır. Təbliğatçılar göndərilsin və Milli Məclisin deputatları öz rayonlarında qəbul olunmuş qanunları camaata təbliğ eləsinlər. Camaat bilməlidir ki, icra orqanlarının vəzifəsi, funksiyası nədən ibarətdir. Bəzən bizdən elə şeylər tələb edirlər ki, bunlar ya bələdiyyənin, ya da icra hakimiyyətinin işidir. Bunların çoxu bilməməkdən irəli gəlir. Mən çox istərdim ki, bu sahə üçün vəsait ayrılsın. Çünki vəsait ayrılmadan bunları deputatların səlahiyyətinə daxil etmək çox çətin olacaq. Milli Məclisdə hüquqşünaslar var, onlar qanun yaradıcılığı ilə məşğul olmaqla yanaşı, bəlkə rayonlara da getsinlər, camaatla görüşsünlər, qanunları təbliğ etsinlər. Qanunlar təbliğ olunmayana qədər bizim işimiz çətin olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bunları təbliğ etmək üçün “Azərbaycan” qəzeti var. Maşallah, nə vaxt televiziyanı açırsan, görürsən ki, deputatlarımız çıxış edirlər. Orada bu məsələləri təbliğ edin. Biz AzTV ilə danışdıq, “parlament saatı”nın müddətini artıracağıq. Mümkün olsa, kanal vaxtı da götürəcəyik. Bülletenlər də buraxılacaq. Bunların hamısı nəzərdə tutulub. Biz heç mövcud olanlardan lazımi şəkildə istifadə etmirik. Buyurun, Bəxtiyar Sadıqov.
B. Sadıqov. Çox sağ olun, Oqtay müəllim. Siz məni qabaqladınız, mənim demək istədiyim fikri dediniz. Mən bir məqamı bildirmək istəyirəm ki, bizim Milli Məclisin rəhbərliyi ilə söhbətlərimiz olub və bu mövzulara da orada toxunulub. Şübhəsiz ki, ən vacib məqamlardan biri qanunun qəbulundan sonra onun şərhidir, əhaliyə çatdırılmasıdır. Bu, eyni zamanda, qanunun işləməsinə kömək edəcək bir məqamdır.
Mən hörmətli Nizami müəllimin narahatlığını başa düşürəm. İlkin mərhələdə bunun üçün heç o qədər əlavə vəsait lazım deyil. Bunlar üçün Milli Məclisin orqanı – “Azərbaycan” qəzeti var. Mən bir daha Oqtay müəllimin dediyi məqama toxunmaq istəyirəm. Qanunların təbliğini yalnız jurnalistlərin öhdəsinə qoymaq bir az çətindir. Yəni bizim o sahədə kifayət qədər bilgimiz, səriştəmiz yoxdur. Bu, bəzən çox incə məqamlarla bağlı olur. Milli Məclis Aparatında, deputatlarımız arasında hər sahənin gözəl biliciləri, mütəxəssisləri var. Onlara bəyan edirəm ki, bizim qəzetimizin –sizin orqanın səhifələri bu iş üçün daim açıqdır. Gəlin, işimizin bir sahəsi də burada qəbul elədiyimiz qanunların təbliği olsun. Buna görə mən sizi əməkdaşlığa çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənə elə gəlir ki, bu barədə kifayət qədər danışdıq. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqındadır. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Hesablama Palatasının 2007- ci il üçün xərclər smetası İqtisadi siyasət daimi komissiyasında müzakirə olunmuşdur. Xərclər smetası deputatlara paylanıbdır. Təklif edirəm ki, təsdiq olunsun.
Sədrlik edən. Nə kimi təklif var? Qənirə xanım, çıxış eləmək istəyirsiniz? Buyurun.
Q. Paşayeva. Oqtay müəllim, mən Milli Məclisin və Hesablama Palatasının xərclər smetalarını nəzərdən keçirəndə bir məsələ diqqətimi cəlb etdi. Məsələn, parlamentin 14 milyon, Hesablama Palatasının isə 1 milyon 800 min manatdan artıq xərclər smetası var. Amma məsələn, parlamentin xərclər smetasında göstərilir: inventarın alınması, avadanlığın alınması, digər alışlar və xidmətlər. Digər alışlar və xidmətlər inventarın alınması və avadanlığın alınmasının xərclərinin cəmindən azdır. Amma Hesablama Palatasında xərclər smetasında digər alışlar və xidmətlər bu ikisinin xərcindən təxminən 1 dəfə çoxdur. Nədir bu digər alışlar və xidmətlər ki, ona bu qədər artıq vəsait gedir?
İkincisi, burada “sair xərclər” 20 min 687 manat göstərilib. Sosial Müdafiə Fonduna ayırmalardan sonra ən böyük xərc maddəsi “digər xərclər”dir. Burada da xərclər bir-bir açıqlanır. Buna təxminən 100 min dollara yaxın vəsait ayrılır. Nədir bu digər xərclər? Parlamentin xərclər smetasında belə bir maddə yoxdur, amma Hesablama Palatasının smetasında var. İstəyərdim, bu suala aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. İkram İsrafilov.
İ. İsrafilov. Sağ olun, Oqtay müəllim. Açığı, çıxış eləmək fikrim yox idi. Ancaq bir millət vəkili olaraq, bundan da öncə bir vətəndaş olaraq demək istəyirəm ki, Azərbaycan Respublikası büdcəsinin gəlir və xərclər hissəsinə Hesablama Palatasının bir qurum olaraq münasibət bildirməsinin və ciddi reaksiya verməsinin şahidi olmamışam. Hesab edirəm, Azərbaycan Respublikasının bütün vətəndaşları da belə fikirləşir. Ya bu orqan öz fəaliyyətində tamamilə dəyişiklik eləməlidir, ya da hər bir millət vəkili, eyni zamanda, insanlarımız bilməlidir ki, Hesablama Palatası var və o, dövlət büdcəsinin gəlir və xərclər hissəsinə nəzarət edir. Mən hesab edirəm, əgər bu yoxdursa, bu qədər vəsaitin dövlət büdcəsindən Hesablama Palatasına ayrılması məqbul deyil. Hər halda Oqtay müəllim, mənə belə gəlir ki, Milli Məclisin rəhbərliyi dəyişdiyindən Hesablama Palatasının ya ləğvinə, ya da yenidən formalaşmasına və ciddi bir qurum kimi fəaliyyət göstərməsinə nail olunacaqdır. Sağ olun.
Sədrlik edən. Hesablama Palatası çox vacib bir təşkilatdır. O işləyəcək, işində dəyişiklik edəcək və çox səmərəli fəaliyyət göstərəcəkdir. Mən sizi buna əmin eləyirəm. Qənirə Paşayevanın sualına Hesablama Palatasından kimsə cavab vermək istəyirmi? Abbas Allahverdiyev.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri üçün 178 min 362 manat nəzərdə tutulur. Bu, aparat işçilərinin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitdən ibarətdir. Yəni bu, keçən il də olub, cari ildə də var və növbəti ildə də nəzərdə tutulur. Yəni bununla bağlıdır.
Sədrlik edən. Ayrıca mükafatlandırma fondu var?
A. Allahverdiyev. Bilirsiniz, cənab Sədr, bu, iki yerə ayrılır. Deməli, Hesablama Palatası üzvlərinin əmək ödənişi fondu var, bir də, Hesablama Palatası işçilərinin. Hesablama Palatası üzvlərinin əmək ödənişləri “Hesablama Palatası haqqında” Qanuna əsasən, Aparat işçilərinin əmək ödənişləri isə “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Ona görə bunlar ayrı-ayrılıqda nəzərdə tutulur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, ötən beş iclasda 124 nəfər millət vəkili çıxış eləmişdi. Bugünkü müzakirədə də daha 24 millət vəkili iştirak elədi. Mən sizin hamınıza minnətdarlığımı bildirirəm. Biz hökumətə 10 gün vaxt veririk ki, bizim irad və təkliflərimizə baxsın. 10 gündən sonra, biz yenidən bu məsələlərin müzakirəsinə qayıdacağıq. Çox sağ olun.