19.01.2016 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
II SESSİYASI İCLASININ
PROTOKOLU № 7
Milli Məclisin iclas salonu.
19 yanvar 2016-cı il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 95
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Rəşad Orucov, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru.
Rəna Məlikova, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Fuad Muradov, Fazil Mustafa, Əli Məsimli, Qüdrət Həsənquliyev, Azay Quliyev, Elmira Axundova, Vahid Əhmədov, Fəzail Ağamalı, Zahid Oruc, Elman Rüstəmov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
2. Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
7. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
19 yanvar 2016-cı il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Parlamentin növbədənkənar sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 95
Yetərsay 83
Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, növbədənkənar sessiyanın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun.
Növbədənkənar sessiyadır, iclası müzakirəsiz keçirəcəyik. Hörmətli millət vəkilləri, yadınızdadırsa, son iclasda söyləmişdim ki, cənab Prezident tərəfindən tapşırıqlar verilib, işlər görülür və növbəti islahatlar olacaq. Bu islahatlar istiqamətində siz dünən cənab Prezidentin iqtisadi blokla keçirdiyi iclasın şahidi oldunuz. Mən bir daha əmin oldum ki, bir elə iqtisadçı arasında iqtisadiyyatı hamıdan güclü bilən elə bizim cənab Prezidentdir.
İqtisadiyyatdakı bu islahatlara başlamaq üçün cənab Prezident tərəfindən Milli Məclisə iki zərflə iqtisadi sənədlər göndərilib və biz bunun zərurətini başa düşərək növbədənkənar sessiya çağırdıq. Bu gün həmin layihələr sizə təqdim olunacaq. Layihələr iki zərf ilə gəlib. Birinci zərfdə 5 məsələ, ikinci zərfdə isə 3 məsələ var. Mən Ziyad Səmədzadəyə söz verəcəyəm. Birinci zərfdə 4 iqtisadi bloku əhatə edən məsələlər var. Bunlar bir-biri ilə bağlı məsələlərdir. Onlar bir yerdə təqdim olunsalar, daha yetkin olar. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq Oqtay müəllim qeyd etdi ki, dünən cənab Prezident İlham Əliyev Azərbaycanın iqtisadi-sosial inkişafı ilə əlaqədar olaraq, iqtisadi bloku təmsil edən nazirliklərin, komitələrin və Mərkəzi Bankın rəhbərləri ilə görüş keçirdi və bu görüşdə sözün əsl mənasında Azərbaycan dövlətinin gələcəyi, Azərbaycan iqtisadiyyatının davamlılığı, Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması naminə konkret tədbirlər müəyyən etdi, tapşırıqlar verdi. Biz çox sistemli təhlilin nəticələrinin şahidi olduq. Bir çox ölkələrdə, bilirsiniz, qlobal dünya böhranının təsirləri yaşanır. Bir çox dövlətlər öz valyuta ehtiyatlarını itirirlər, artıq yaxşı hədəflərə nail olmuş sosial-iqtisadi göstəricilərini xeyli aşağı salırlar, əhalinin sosial proqramları ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin ixtisarı baş verir.
Bu qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı öz dinamikliyini sübut edir, nümunə göstərir və iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün konkret, sistemli tədbirlər görülür. Azərbaycan xalqı, təbii ki, bu devalvasiya prosesini özünəməxsus qarşıladı. Əlbəttə, müəyyən təzyiqlər var, müəyyən problemlər var, gərginliklər yaranıb. Lakin cənab Prezidentin bu prosesdən sonra atdığı addımlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar birmənalı şəkildə göstərir ki, Azərbaycan yaxın gələcəkdə yenə də öz dinamikliyini sübut edəcək, iqtisadiyyatının inkişaf sürətini elə təqdim edəcək ki, həmin sürət əvvəlki kimi, digər regionlardan yenə üstün olacaq.
Mən cənab Prezidentin dünənki çıxışından bəzi məqamları qeyd etmək istəyirəm. Düzdür, hay-küy edənlər, müəyyən ajiotaj yaradanlar var. Amma prezidentimiz birmənalı şəkildə dedi ki, bir sıxıntı hiss edəndə ailə də öz xərclərini tarazlamağı qarşısına məqsəd qoyur. Neftin Azərbaycan iqtisadiyyatındakı rolu sizə məlumdur. İndi neftin qiymətinin dünya bazarında 4 dəfə aşağı düşməsi, təbii ki, bizdən asılı olmayan səbəblərlə bağlıdır. Ancaq bu, gəlirlərimizə təsir etdiyi üçün biz yəqin ki, gələcəkdə büdcəyə yenidən baxacağıq. İqtisadi planlarımızı dəqiqləşdirməli, xərclərimizi daha dəqiq müəyyən etməli, cari xərcləri azaltmalıyıq. Eyni zamanda, milli iqtisadiyyatın inkişafına yönələn tədbirləri artırmalıyıq. Bax, dünən cənab Prezidentin apardığı müşavirədə toxunduğu bir neçə məqamı göstərim. Yerli istehsalı inkişaf etdirmək, sahibkarlar üçün əlverişli mühit yaratmaqla, onlar üçün əlverişli vergi güzəştləri tərtib etmək, Azərbaycan iqtisadiyyatının və sənayesinin identifikasiyasını sürətləndirmək, eyni zamanda, əhalinin bütün təbəqələrinin müdafiə sistemini gücləndirmək. Ona görə bu gün sizlərə bir zərfdə təqdim edilən qanunlarla bərabər o biri qanunlar da sistemli bir fəaliyyətin ayrı-ayrı tərtib hissələridir. Bəzən deyirlər ki, nə oldu? Bunu ancaq populist insanlar, elmdən, təhsildən, peşəkarlıqdan xəbəri olmayan insanlar deyirlər. Baxın, qısa zaman kəsiyində heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməmişdi.
Mən istərdim, Milli Məclisə təqdim olunmuş “Əmanətlərin sığortalanması haqqında” Qanuna edilən dəyişikliklərdən danışım. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun təşəbbüskarı cənab Prezident olub. Cənab Prezident tərəfindən bu qanun layihəsi Milli Məclisə bir neçə il bundan qabaq təqdim olunmuşdu. Komitədə müzakirə edəndə biz bunu tarixi bir sənəd adlandırmışdıq. Çünki iqtisadi inkişaf ilə əlaqədar olaraq Azərbaycan xalqının əmanətləri də artmışdı. Amma, eyni zamanda, əmanətlərin qorunması sistemi formalaşmalı idi. Heç vaxt Azərbaycanda əmanətlərin qorunması sistemi olmayıb. Bu gün artıq Azərbaycan xalqı bu sistemə malikdir və bu sistem imkan verir ki, gündən-günə artan əmanətlərin qorunması təmin edilsin. Bayaq hörmətli Elman müəllim bizim komitənin iclasında məlumat verdi. 9 milyard manata yaxın əmanətimiz, 6 milyona yaxın isə əmanətçimiz var. Bax, bu insanların əmanətlərinin qorunması ölkədə sabitliyin, əmin-amanlığın hökm sürməsinin, sosial siyasətin uğurla həyata keçirilməsinin təminatıdır. Bizdə əhalinin pul gəlirləri və depozitlər inflyasiya faizlərini bir neçə dəfə üstələyib.
İndi cənab Prezident qanunda dəyişikliklər edir. Əvvəla, yadınızdadırsa, əmanətlərin 500 manatdan çox olan hissəsindən faiz tutulurdu. İndi yeni qanun layihəsinə əsasən əmanətlərə görə dividendlərdən heç bir faiz tutulmayacaq. Təqribən hesablayın, əgər 10 faiz olarsa, bu, bir il ərzində 90–100 milyon manata qədər pul edəcək. Həmin qanun layihəsində əmanətlərin sığortalanması fondunun daha da təkmilləşməsi, müvəkkil bankların şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq maddələr nəzərdə tutulub. Allah eləməsin, çətinlik olanda onların sığortalanması məsələsini Mərkəzi Bank, eyni zamanda, hökumət öz üzərinə götürür. Yəni bu çox vacib bir qanundur. Qanunun 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələri ləğv edilir. O da ona görə edilir ki, əmanətlər qorunsun. Hörmətli Elman müəllim komitə iclasında kifayət qədər məlumat verdi və hər birimiz sakit ola bilərik ki, dividendlərdən vergi tutulmayacaq.
Digər bir vacib qanun, MDB məkanında analoqu olmayan Əmanətlərin tam sığortalanması haqqında qanun layihəsidir. Balacadır, birinci qanunun davamıdır. Lakin burada əmanətlərin tam sığortalanması məsələsi ortaya çıxır və bu da imkan verir ki, insanlar sakit şəkildə, heç bir hay-küyə düşmədən öz əmanətlərinin sahibi olsunlar, gələcəkdə onlardan daha səmərəli istifadə etsinlər. Bütün bu məsələlərin təşəbbüskarı cənab Prezidentdir. Bəzən mətbuatda bəzi jurnalistlər deyirlər ki, bunu biz dedik. Elə deyil, cənab Prezidentin sistemli baxışı var, yəni islahatların aparılmasına sistemli baxışı var. Əgər biz pul siyasətində dəyişiklik ediriksə, bu özünü vergidə, büdcə siyasətində, əmanətlərdə, real sektora ayrılan subsidiyalarda tapmalıdır. Bu baxımdan bu qanunların Azərbaycan iqtisadiyyatı, Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyəti var.
Vergi Məcəlləsində edilən dəyişiklik yenə də birmənalı şəkildə Azərbaycanda investisiya axınının tənzimlənməsinə, yeni iqtisadi sahələrin yaranmasına, real sektorun dəstəklənməsinə yönəlibdir. Yəni Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə edilən dəyişiklik ondan ibarətdir ki, 2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edilir. Bayaq bizim komitənin iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri hörmətli Rüfət Aslanlı da məlumat verdi ki, Azərbaycanda qiymətli kağızlar bazarı sürətlə inkişaf edir. Bu təklif bütövlükdə onların əmanətçilərinin də gəlirlərini artıracaqdır.
Əsas məsələlərdən biri də valyuta məzənnəsidir. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bayaq Elman müəllim məlumat verdi ki, Azərbaycanın bu gün 40 milyard valyuta ehtiyatı var. Biz neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq valyuta ehtiyatlarının bir hissəsini itirdik. Lakin onları birdən-birə xərcləmək olmaz. Demək olmaz ki, mənim valyuta ehtiyatım var, gəlin, bunların hamısını xərcləyək. Ulu öndər o vaxtlar Neft Fondunu ona görə yaratdı. Mətbuatı xatırlayın, açın, baxın. O vaxtlar hamı, xüsusən müxalifət tənqid edirdi ki, Neft Fondunu yaratmaq nəyə lazımdır? Neft Fondunu yaratmayaq, həmin vəsaitlərlə maaşları artıraq, pensiyaları artıraq. Əgər biz onda həmin siyasəti davam etdirsəydik, bu gün Azərbaycan özünün iqtisadi müstəqilliyini itirmək səviyyəsində olardı. Bu gün 40 milyard, yəni kifayət qədər valyuta ehtiyatımız var. Valyuta ehtiyatının həcmi bu gün dollarla bizim ümumi daxili məhsulun həcminə bərabərdir. Bu, ən yüksək göstəricilərdən biridir. Ona görə də onlardan səmərəli istifadə edilməlidir. Eyni zamanda, ölkə daxilində Azərbaycan iqtisadiyyatının dollarlaşmadan qorunması, valyutanın aşağı salınması istiqamətində tədbirlər görülür. Cənab Prezident çıxışında dedi ki, Azərbaycanda dollarlaşma prosesi məni çox narahat edir, onun bir optimal həddi olmalıdır. 140 ölkə ilə əməkdaşlıq ediriksə, olmalıdır. Ancaq valyuta məzənnəsini tənzimləmək qaydaları var. Bu, dünyada qəbul edilmişdir. Biz bir müddət bunu bir az çox sərbəst buraxdıq. Bu gün isə yeni şərait tələb edir ki, biz valyuta ehtiyatlarımızı, valyuta məzənnəmizi tənzimləyək və ölkədən çıxan valyuta ehtiyatlarının miqdarı müəyyən edilsin. Təhsildir, səhiyyədir, istirahətdir, bu gün bütün bunlar hamısı azad olunur. Amma limit qoyulur ki, bu limitdən artıq edəndə sən gərək bunu edəsən. Bunu nə üçün edirik? Kapital Azərbaycandan qaçmasın. Bizim iş adamları, ya başqa adamlar həddən artıq pulla xaricdə əmlak və sair alırlar. Amma bununla bərabər Azərbaycan iqtisadiyyatına da pul qoysunlar ki, bizdə daxili və xarici investisiyalar arasında nisbətlər düzəlsin.
Hörmətli millət vəkilləri, biz 2 komitənin iclasını birgə keçirdik. Hörmətli Əli müəllimin komitəsi ilə birlikdə keçirilən iclasda birmənalı şəkildə bildirildi ki, Azərbaycanda valyuta məzənnəsi, valyuta prosesləri tənzimlənməlidir. Bir iqtisadçı kimi mən də belə hesab edirəm ki, bunu özbaşına buraxmaq olmaz. Yüzlərlə məntəqəyə ehtiyac yoxdur. Biz hər birimiz müxtəlif yerlərdə olmuşuq. Misal üçün, mən Belarusdan gəlmişəm, çox nadir yerlərdə valyuta məntəqəsi var. Hər zaman da pasport tələb olunur. Bu nə üçün edilir? Ölkənin valyutasını sabit saxlamaq üçün. Ölkədə dollarlaşma səviyyəsini yuxarı həddə qalxmağa qoymamaq üçün.
Bu qanun layihələri həddən artıq mütərəqqi qanun layihələridir. Bütövlükdə mən uzun illərdir, müxtəlif vəzifələrdə çalışmış bir iqtisadçı kimi hay-küysüz, peşəkara xas olan, ziyalıya xas olan tələbləri əsas tutaraq birmənalı şəkildə demək istəyirəm ki, Azərbaycan dövlətinin başçısının devalvasiya ilə əlaqədar müəyyən etdiyi tədbirlər sözün əsl mənasında Azərbaycanın inkişaf modelinin formalaşmasını təmin edən tədbirlərdir. Nə üçün? Çünki burada sistemli yanaşma var. Yerli istehsalın stimullaşdırılması, real sektorun strukturunun təkmilləşdirilməsi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin bir neçə mərhələdən sonra yaradılması özü tarixi bir hadisədir. Artıq bu gün bizim İqtisadiyyat Nazirliyi digər iqtisadi strukturlarla birgə Azərbaycanın iqtisadi inkişaf perspektivlərini dəqiq, dinamik şəkildə müəyyən etməyə nail olacaq. Ona görə də mən fürsətdən istifadə edərək, Milli Məclisin komitələri adından yeni strukturu, hörmətli Şahin müəllimi təbrik edirəm. Şahin müəllim bayaq Milli Məclis komitələrinin iclasında informasiya verdi. Görülən işlərə baxanda fikirləşirsən ki, Azərbaycan qısa zaman kəsiyində yeni iqtisadi sistem yaradıb, planlaşma sözünü işlətmədən dövlətin uğurlu tənzimləmə siyasətini formalaşdırıb. Bu da bizi qlobal böhrandan, ağır çətinliklərdən qurtarır.
Hörmətli Oqtay müəllim, mən Sizə təşəkkür edirəm. Qısa zaman kəsiyində Siz bu növbədənkənar sessiyanın təşkili üçün bütün tövsiyələrinizi, tapşırıqlarınızı verdiniz. Mən hesab edirəm ki, bugünkü komitə iclası da çox səmərəli keçdi. İqtisadiyyat naziri Şahin müəllimin, Milli Bankın rəhbəri Elman müəllimin məlumatları, eləcə də Rüfət müəllimin məlumatı bir daha bizdə inam yaratdı ki, cənab Prezidentin müəyyən etdiyi iqtisadi siyasətin blok rəhbərləri tamamilə düzgün mövqe seçiblər və heç şübhəsiz, qəbul edilən qanunlar Azərbaycan iqtisadiyyatının davamlılığını artıracaq, ölkəmizin dinamik inkişafını, əhalimizin sosial təminatını yaxşılaşdıracaq. Mən sizlərdən xahiş edirəm ki, bu qanun layihələrinə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim, ancaq bəzi rəqəmləri təfsilatlı demədiniz. 50 mindən yuxarı olanda, 20 faiz tənzimlənir, 50 minə qədər tənzimlənmir. Bir də 6 milyon 500 əmanətçi var, onların ildə aldığı dividend 500 milyondur. Bankların dayanıqlığı ona gətirib çıxarır ki, rəqəmlər artdıqca, pullar təzədən banklara getdikcə dövriyyə daha da artacaq, insanların həyat tərzi daha da yaxşılaşacaq. Çox az ölkələrdə dövlət tərəfindən yüz faiz sığortalanma olur. İndi həm Elman müəllim buradadır, həm də Şahin müəllim buradadır. Onlar çox danışıblar. Mən hesab edirəm, müzakirələrə başlayaq, suallar olarsa, söz verərik, danışarlar. Buyurun, xahiş edirəm, müzakirələrdə iştirak eləmək istəyənlər yazılsınlar.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bu gün biz burada çox ciddi və ölkə üçün vacib məsələlərə görə toplaşmışıq. Təbii ki, bu istiqamətdə həyata keçirilən islahatlar hər bir azərbaycanlı üçün çox vacibdir. Cənab Prezident tərəfindən həyata keçirilən bu islahatlar ilk növbədə biz insanlar üçün düşünülüb və biz də təşəkkür edirik ki, bu sənədlər belə çevik şəkildə Milli Məclisə daxil olub və biz də öz fikrimizi demək, bunu müzakirə etmək imkanı əldə etmişik. Hörmətli millət vəkilləri, son zamanlar iqtisadi məsələlərlə bağlı bir çox fikirlər səsləndi. Onların da əsasında bu fikir dururdu ki, Azərbaycanın bəlkə gücü yoxdur, Azərbaycan hansısa çətinliklərlə üzləşə bilər. Amma cənab Prezidentin son vaxtlar həyata keçirdiyi çox ciddi islahatlar bir daha göstərdi ki, Azərbaycanın gücü də var, potensialı da var. Azərbaycan xalqı bunu da çox yaxşı qəbul edir ki, biz bütün istiqamətlərdə paralel islahatlar aparırıq. Eyni zamanda, iqtisadi sahədə də cənab Prezidentin çox dəqiq planları, proqramları var. Həmçinin banklarla bağlı məsələ də gündəmə gəlmişdir. Təbii, biz gözləyirdik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərlə bağlı ictimaiyyətə daha çox məlumat verəcəklər. Mən başa düşürəm, yəqin, o zamanlar onlar bu islahatları hazırlayırdılar. Ona görə nəticə olaraq təqdim eləmək üçün bu qədər vaxt keçdi və bu istiqamətdə bir şeyi mütləq şəkildə nəzərdən keçirməliyik.
Belə böhranlı vəziyyət bütün dünyada var. 2008-ci ildə dünyada böhran olanda Azərbaycanın düzgün siyasəti nəticəsində xalqımız bu böhranı hiss eləmədi. Amma böyük ölkələr, Avropa ölkələri, xüsusən də bu istiqamətdə fəaliyyət göstərən neft ölkələrinin hamısı bunu hiss eləmişdi. Azərbaycan isə bu təsirdən yan keçmişdi, bu da ilk növbədə cənab Prezidentin islahatları nəticəsində olmuşdu. Bunu açıq şəkildə bildirməliyik ki, uzun müddətdir, biz bu böhran vəziyyətinin olmaması üçün bütün addımları həyata keçirmişik və bu istiqamətdə işlər davam edir. Eyni zamanda, banklarla bağlı demək istəyirəm ki, Azərbaycanda bankların sayı sürətlə artmışdı və son nəticədə də insanlar öz pullarını banklara etibar edir, eyni zamanda, digər əməliyyatlarını da banklarla həyata keçirirdilər. Ona görə bank sistemində olan narazılıqlar məhz bununla bağlı idi ki, cəmi 30 minə qədər əmanətlər sığortalanırdı. Bu gün isə sığortalanma fondunun fəaliyyəti nəticəsində biz inanırıq ki, insanlar daha böyük etibarla banklara gedəcəklər və bütün fəaliyyətlərini, işlərini məhz banklar vasitəsilə həyata keçirəcəklər. Bu çox mütərəqqi bir yanaşmadır, mən inanıram ki, ciddi şəkildə dəyişikliklər olacaqdır. Eyni zamanda, 10 faiz depozit vergisi yuxarı idi, bu da təbii ki, əgər məbləğ böyük olurdusa, insanlara çox təsir edirdi. Ümumiyyətlə, digər ölkələrdə bu faiz aşağı səviyyədə idi. Amma bizdə müəyyən səbəblərə görə bu faiz yuxarı idi. Amma bu faizin ləğv edilməsi konkret olaraq insanlarda banklara etibar hissini artıracaq, banklarda digər yanaşmaların həyata keçirilməsinə də imkan verəcək.
Əsas məsələlər deyildi, mən, sadəcə olaraq, bir neçə istiqaməti xüsusi vurğulamaq istəyirəm. Mərkəzi Bankın, iqtisadi blokun nümayəndələri buradadırlar. İndiki dövrdə banklara eyni yanaşma olmalıdır. Mərkəzi Bank bütün banklara eyni yanaşsın, necə ki, buna qədər yanaşıb. Həmin banklarda olan vəziyyətlə bağlı qeyd edim ki, elə banklar var, onların vəziyyəti, həqiqətən də, ağırdır. O banklarda problemlər varsa, bunu mütləq şəkildə ictimaiyyətə bildirmək lazımdır ki, insanlar o banklarda problemlərin olduğunu bilsinlər. Yoxsa heç bir məlumat verilmədən bu işlər həyata keçirilir. İnsanlar arasında da çaşbaşlıq yaranır. Təbii ki, bunu qəsdən ajiotaj yaradaraq eləyən qruplar var.
Hörmətli millət vəkilləri, bildirmək istəyirəm ki, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş adamlar da var. Heç bir ciddi problem olmadan məsələni gündəmə elə qoyurlar ki, guya bizdə ərzaq qıtlığı var, banklarda ciddi problemlər mövcuddur, banklar bağlanıb və sair. Ona görə məlumatlandırmaq çox vacibdir, bu, insanların banka, bu sistemə etibarı deməkdir. Ona görə xahiş edirəm, həm İqtisadiyyat Nazirliyinin, həm də Mərkəzi Bankın nümayəndələri buradadırlar, mütəmadi olaraq ictimaiyyətə xəbər versinlər ki, hansı bankda hansı problemlər var. Hansı bankda likvidliklə bağlı və digər məsələlərlə bağlı problem var. Bu çox vacib məsələdir və mən bunu xahiş edirəm.
Eyni zamanda, təklif olunan qanunda ciddi məsələlər var. Yaxşı olardı ki, bizim ekspertlər bu Məclisdən sonra həm televiziyada, həm də kütləvi informasiya vasitələrində bu pozitiv addımlardan danışsınlar. Bu addımlar dövlətin gücünü, dövlətə inamın dərəcəsini göstərir. Ona görə də cənab Prezident bu islahatlara başlayanda, xüsusi olaraq onu vurğulamışdı ki, bu, kompleks olan məsələlərdir. Burada tək vergi, gömrük, bank sistemi deyil. Burada kompleks yanaşma var. Ona görə də bizim iqtisadçılarımız ciddi olaraq bunu təbliğ eləməlidirlər. İnsanlar bunu bilməlidirlər ki, dövlət əsas riskləri öz üzərinə götürüb. Çox nadir hallarda bütün sığorta məbləği 100 faiz həyata keçirilir. Amma Azərbaycan buna gedir. Burada 3 il ərzində nəzərdə tutulub. Mənim də sualım ondan ibarətdir ki, bu müddət necə müəyyənləşir? Niyə görə 3 il, 5 il, 10 il? Təbii ki, sığorta fonduna da artıq dövlət zəmanət verib. Ona görə də orada şəffaflığın təmin olunması çox vacib məsələlərdən biridir. Mən inanıram ki, Mərkəzi Bank və digər qurumlar bu şəffaflığın təmin olunmasında maksimal tədbirlər həyata keçirirlər.
Ümumiyyətlə, vurğulamaq istəyirəm ki, bu islahatlar davam edəcək. Cənab Prezident son müşavirəsində xüsusi vurğulamışdı ki, biz sahibkarları dəstəkləməli, yeni investisiyaların özəlləşdirmə proseslərinin həyata keçirilməsinə çalışmalıyıq. Yəni bizim üçün əsas məsələlərdən biri odur ki, ölkəyə investisiya gəlsin. Ölkədə yeni iş yerləri açılmalıdır. Ona görə bizim sahibkarlara da müraciət edirəm ki, bu istiqamətdə cənab Prezidentin çağırışına dəstək, yerli istehsalın inkişafına kömək olsunlar. Dövlət də öz tərəfindən bu istiqamətdə maksimal şərait yaradacaq, bütün əngəllər aradan qaldırılacaq. Çünki bu artıq bizim Azərbaycanımızın yeni inkişaf mərhələsidir. Ola bilsin ki, dünyada bu böhranlar müəyyən nəticədə başqa cür təsir eləyir, amma mən inanıram ki, bizim ölkəyə iqtisadi məsələlər müsbət təsir edəcək. Yerli istehsalın sahibkarlıq mühitinin yaxşılaşdırılması, eyni zamanda, mənə elə gəlir ki, humanitar siyasətlə ciddi islahatlar həyata keçirərək böyük nailiyyətlər əldə edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Tarixi bir dövrdə, Azərbaycan xalqının ciddi problemlər yaşadığı, dövlətin dünyadakı iqtisadi böhranla bağlı çətinliklərlə üzləşdiyi bir vaxtda hər bir siyasətçidən, parlament üzvündən, məmurdan ciddi məsuliyyət tələb edilir ki, ölkə həyatına öz töhfəsini versin, problemlərin həlli istiqamətində ən azı faydalı fikirləri, görüşləri, addımları ilə yardımçı olsun. Amma bununla belə bir şeyi qeyd etmək istəyirəm ki, indiki dövrdə iqtisadi antiböhran tədbirlərindən daha öncə bir vicdan proqramına ehtiyac var. İnsanların öz ölkəsinin taleyi ilə bağlı emosiyalara qapılmadan, soyuqqanlı şəkildə mövqelərini ifadə etmələrinə ehtiyac var. Siz diqqət edirsinizsə, Azərbaycan cəmiyyətində Prezidentin müşavirədə səsləndirdiyi çox maraqlı fikirlərindən sonra insanlarda az-çox inam hissi bərpa olundu. Amma ona qədərki dövrdə nə Mərkəzi Bankın, nə də hökumətin iqtisadi blokuna daxil olan insanların hansısa açıqlaması ciddi qarşılanırdı, çünki bu inam hissi artıq itmişdi. Xarici dövlətlərdə də diqqət edirsinizsə, belə proseslər buna səbəb olmuş şəxslərlə davam etdirilmir, təzə insanlara ehtiyac olur. Bu iqtisadi blokun da, məncə, bu mənada yenilənməsinə ehtiyac var. Mən kiminsə şəxsiyyətini hədəfə almıram, hamısı kifayət qədər savadlı, təcrübəli, dövlət qarşısında xidməti olan insanlardır. Amma yeni böhrandan çıxış prosesini bu böhrana səbəb olmuş insanlar həll edə bilməyəcəklər. Digər tərəfdən, hesab edirəm ki, təkcə iqtisadi xarakterli tədbirlərə deyil, birinci növbədə sərt inzibati tədbirlərə keçilməlidir. İdxal və ixracda inhisarçılıq korrupsiya kimi tamamilə inzibati qaydada ləğv edilməlidir, hər bir şəxsin üzərindən bütün basqılar götürülməlidir. Şəxsin heç kimdən icazə almadan və heç kimə haqq vermədən istədiyi məhsulu Azərbaycana gətirmək və xaricə çıxarmaq hüququ təmin olunmalıdır.
Xatırlayırsınızsa, 1993–1995-ci illərdə mərhum Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndə təqribən belə bir vəziyyət yaranmışdı. Ulu öndər çıxış yolunu nədə gördü? Ölkənin bütün qapılarını acdı. Dövlət artıq bu yükü götürə bilmir, valyuta növbəsində duran minlərlə insanın iztirabının qarşısını almaq imkanına sahib deyilik. Belə bir vəziyyətdə qapıları açmaq lazımdır. Bugünkü qanunlarda bunun başlanğıcı qoyuldu, bu, yüngülləşdirici prosesin başlanğıcıdır. Əmanətlərin vergidən azad olunması, sığortalanması, kompensasiyaların ödənilməsi müsbət haldır və biz bunu təqdir edirik. İnsanlar artıq bilməlidirlər ki, bu proses nə ilə yekunlaşacaq. Açın qapıları və özünüz görəcəksiniz ki, vətəndaş öz təşəbbüsü ilə gedib mal gətirəcəkdir, çünki onun sahibkarlıq zəkası var. Qısa müddətdə nisyə də olsa, hətta kredit götürmədən İrandan, Rusiyadan tanışlıq fonunda bunu həll eləyib gətirəcək. Sadəcə, ona təminat vermək lazımdır. Bankların etibarlılığı bərpa olunmalıdır, çünki bütün proseslər banklar üzərindən aparılır və idxal-ixrac əməliyyatlarında şəffaflıq bərpa olunmalıdır. Diqqət edirsinizsə, xaricə axan valyuta idxalının bəlkə də 20–30 faizi açıq şəkildə statistik rəqəmlərdə yer almır. Ona görə ki, Azərbaycanda ideoloji statistika var. Artıq bundan əl götürməliyik. Əvvəllər biz statistikanı ya şişirdirdik, ya da azaldırdıq, çünki Moskvaya hesabat verirdik, oradan tələb edirdilər ki, bu qədər faiz olsun, pambıq bu qədər, plan bu qədər olsun. Bu gün kimi aldadırıq?
Bu gün ölkədə, baxın, hər gün 300–500 adam işsiz qalır. Bu işsizlər ordusu sabah “aclar” ordusudur, sabah dövlətə qarşı təxribatçı qüvvələr bundan istənilən səviyyədə istifadə edəcəklər. Bunun qarşısı alınmalıdır. İş yerləri bağlandıqca insanların yenidən işə qayıtma imkanları olmur. Bank sektorunda, açıqladılar, 200–300 nəfər attestasiya adı ilə işdən azad olunub. Bunun ailəsi var, uşağı var. Kimə qoşulmalıdır, imkansız vəziyyətdə hansı işlərlə məşğul olmalıdır? Hamını içki düşkünü, ekstremist adlandırmaq olmaz. Əksər vətəndaş siyasiləşmiş tələb irəli sürmür axı? Çörək, qida tələbi irəli sürür. Bu gün həmin insanların etirazı onunla bağlıdır ki, əvvəllər, neft gəlirlərinin yüksək olduğu vaxtlarda belə yenə də həmin sahibkar, həmin vətəndaş bankdan 24–36 faiz arası kredit götürürdü, yenə də ona güzəşt yox idi, yenə də onun təminatı yox idi. Zəngin vaxtlarda əhalinin təbii ki, müəyyən qədər yaşayış səviyyəsi yüksəldi, amma sahibkarlığın, təşəbbüskarlığın artması istiqamətində hansısa addımların atılmasında ciddi nöqsanlara yol verildi. Diqqət edirsinizsə, əvvəllər, 2012–2014-cü illərdə birbaşa xaricə çıxan investisiyalar cəmi 2,7 milyard dollar idisə, bu ilin 9–10 ayı ərzində, artıq ölkədən 2,2 milyard dollar xaricə çıxıb. Bu rəqəm çox ciddi siqnaldır. Ölkəyə qoyulan sərmayə xeyli aşağıdır. Biz bunun üzərində düşünməliyik. Xarici bankların fəaliyyətinə imkan yaratmalıyıq. Öz banklarımız kredit verə bilmirlərsə, qoy gəlsinlər, aşağı faizlərlə kredit versinlər, onda Azərbaycan vətəndaşı özü bu vəziyyətdən çıxmağa müəyyən yol tapacaq. Ona görə mənim təklifim nədir? Fundamental, köklü islahatların aparılmasını və bu islahatlara parlamentin qoşulmasını təklif edirəm.
Oqtay müəllim, Sizin rəhbərliyiniz altında parlamentin potensialının bu işə cəlb olunması olduqca vacibdir. Burada savadlı iqtisadçılar, hüquqşünaslar var, ölkənin problemidirsə, Prezidentin müşavirə keçirməsini gözləmək lazım deyil. Ayrı-ayrı komitələrdə, yerlərdə bu məsələlər ciddi müzakirə olunmalıdır ki, vətəndaş öz töhfəsini versin. Deyə bilərlər ki, xeyr, ixtisaslaşmış insanlardır, özləri qərar qəbul edəcəklər, məsələ qaydasında olacaq. Amma siz diqqət edin, 21 fevral devalvasiyasından sonra dekabr ayında üzən məzənnəyə keçid adı ilə görün nə qədər vətəndaş bu tədbirlə əlaqədar daha çətin vəziyyətə düşdü. Bunun addım-addım olması doğru olmazdımı? Bununla ölkənin valyuta ehtiyatlarını daha çox qorumaq olardı. Ayrıca, 5–10 adamın aldığı və ağıl ağıldan üstündür prinsipinə zidd olan bir qərarla bu gün ölkənin düşdüyü vəziyyətin əvəzini hamımız ödəyirik. Bu gün insanlar etirazlarını təkcə hökumətin iqtisadçı komandasına bildirmirlər, hər bir deputata da bildirirlər. Bizi də söyürlər, bizə də deyirlər ki, siz xalqın problemi ilə məşğul olmursunuz. Ona görə, məncə, Milli Məclisin potensialından hansısa formada bu prosesin içində istifadə eləmək hamımızın xeyrinə olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Dünən mən cənab Prezidentin müşavirədəki çıxışına qulaq asmaqla öz qeydlərimi elədim. Cənab Prezident indiki vəziyyətdən çıxış, Azərbaycana qlobal təzyiqlərin neytrallaşdırılması, sabitləşmə, eyni zamanda, yeni keyfiyyət səviyyəsinin qaldırılması üçün zəruri olan 14 təklif verdi. Yanvar ayının 10-da 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair giriş və yekun çıxışında irəli sürülən təklifləri də bunun üstünə gələndə və orada təkrar olunan məqamları çıxanda 30 çox qiymətli təklifdir. 30 qiymətli təklif həm təxirəsalınmaz tədbirlər proqramı, yaxud da paketi, həm də ortamüddətli proqram hazırlamaq üçün kifayətdir. Bir də, dövlət başçımız həmin təkliflərin içərisində sosial məsələləri, yəni əmək haqqının, pensiyaların, digər ödənişlərin artırılması istiqamətində addımların atılmasını bir nömrəli məsələ kimi elan elədi. Bir cümlə də işlətdi ki, bundan sonra da imkanlarımız daxilində bu proses davam edəcək. Bu, Azərbaycanda insanlar arasında müsbətyönlü ab-havanın yaranmasında kifayət qədər mühüm rol oynadı.
İkinci qaldırılan ciddi məsələ manata inamın qaytarılması məsələsidir. Çünki manatdır, büdcədir, bunlar iqtisadiyyatın güzgüsüdür. Manat necədirsə, iqtisadiyyat da elədir, büdcə necədirsə, iqtisadiyyat da elədir. Bunun üçün zəruri olan tədbirlər bu gün bizim gündəliyimizə daxil olan layihələrdə xeyli dərəcədə öz əksini tapıb. Üçüncü məqam isə struktur islahatlarıdır. Həm iqtisadiyyatda, həm də idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi istiqamətində struktur islahatları. Burada mən maksimalist mövqedən çıxış etmirəm. Həmin 30 pozisiyanın 15-i hökumət tərəfindən canla-başla yerinə yetirilsə, – mən Azərbaycan Prezidentinin tapşırıqlarını nəzərdə tuturam, – buna 1,5 milyard vəsait qoymaqla orada qeyd olunan 150 layihəni yerinə yetirsək, onun multiplikativ effekti artıb 1,5 olmayacaq, artıq olacaq. Prezident göstərdi ki, 1–2 ilə bu vəziyyətdən çıxacağıq. Mən bunu ümumi qeyd etmək istəyirəm ki, əgər Azərbaycan Prezidentinin tapşırıqlarının yarısı aidiyyəti qurumlar tərəfindən canla-başla yerinə yetirilsə, biz 2016-cı, maksimum 2017-ci ilin birinci yarısında qlobal risklərin neytrallaşdırılması, iqtisadiyyatın bütövlükdə sabitləşdirilməsi və yeni keyfiyyət halında iqtisadi yüksəlişə nail olunması kimi vəzifələri həll etmək istiqamətində sanballı addımlar ata biləcəyik. Əgər həmin tapşırıqların heç olmasa yarısı yerinə yetirilməsə, bu proses bir neçə il uzana bilər. Ona görə də, hesab edirəm, əsas məsələ məhz bu tapşırıqların yerinə yetirilməsidir.
Burada da bir nömrəli məsələ Azərbaycanın tərəqqisinin ən böyük tormozuna çevrilmiş monopoliyanın sındırılmasıdır, aradan qaldırılması deyil, birdəfəlik sındırılmasıdır. Azərbaycanın bu tərəqqisinə mane olan bu həcmdə başqa iş yoxdur. İndi sosial xarakterli məsələlərə keçirəm. Bu layihələrdə, həqiqətən də, Azərbaycan Prezidentinin atdığı addımları tamamlayan sosial xarakterli addımlar var. Yəni söhbət ondan gedir ki, əhalinin bir hissəsi əmanətlərdən yarım milyard manata qədər pul götürüb. Vergidən azad olunma, eyni zamanda, sığorta mexanizminin etibarlılığının artırılması bu işdə irəliyə doğru çox ciddi addımdır. Amma burada bir məsələyə görə gələcək hökumət nümayəndələrinə müraciət edirəm. Həmin vəsait tamamilə sığortalandı. Amma hələ manatın devalvasiyası gedir, 3 ildən sonra həmin pulun taleyi necə olacaq? Xahiş edirəm, bu istiqamətdə də fikirləşsinlər ki, sonradan həmin pullar simvolik rəqəmlərə çevrilməsin. Bu həddindən artıq çox ciddi məsələdir. Sonra, Prezidentin çıxışı ilə bağlı kontekstdəki bir məsələni qeyd etmək istəyirəm, komitə iclasında da deyildi, 1,5 milyard manatlıq 150 layihənin regionlar üzrə yerinə yetirilməsi məsələsi. Bu yerinə yetirilsə, 1–2 ilin ərzində yerli istehsalın çəkisi xeyli artacaq.
Mən bir məsələni də xatırlatmaq istəyirəm. Mən, Vahid müəllim və burada olan bir neçə digər həmkarım bu barədə demişdik. Azərbaycan Prezidenti 2008-ci il böhranından bir qədər sonra Neft Fondunun vəsaitindən istifadənin səmərəliliyinin artırılması istiqamətində çox gözəl bir təklif və göstəriş vermişdi. Həmin puldan 2 milyard manat vəsaitin ayrılması və həmin vəsaitin aşağı faizlərlə perspektivli layihələrin reallaşdırılmasına verilməsi. Büdcəyə hər dəfə 8, 10 milyarddan artıq vəsait ayrılır. Mən demirəm ki, bu 10 milyarddan əlavə bir də vəsait ayrılsın. Elə həmin vəsaitin bir hissəsi məhz Prezidentin bilavasitə dediyi istiqamətə yönəldilsəydi, nə verərdi? 2010-cu ildə artıq bəhrə verməyə başlayacaqdı və 2010–2015-ci illərdə, hesab edirəm ki, biz hər halda bir neçə milyard manatlıq məhsulun istehsalına nail olacaqdıq. Bu bir neçə milyard manatlıq məhsul idxalı qaldıracaqdı ki, bu gün Azərbaycan Prezidenti tərəfindən də qaldırılan ən ciddi məsələlərdən biri idxalın azaldılmasıdır.
İkinci, biz neftdən başqa digər sahələrin ixrac potensialını da bir neçə milyard artıracaqdıq ki, bu da haradasa ildə 6 milyard dollara qədər əlavə vəsaitin əldə edilməsi demək idi ki, indi Azərbaycana sözün həqiqi mənasında manatın devalvasiyasının səngidilməsində hava-su kimi lazım idi. Amma onun qarşısı alındı, həmin pullar kimlərinsə idxaldan daha çox qazanmasına, 1 manatlıq məhsulu Azərbaycana 5 manata gətirməklə daha çox qazanmasına sərf olundu ki, burada dövlət, əhali qazanmaq əvəzinə konkret adamlar milyardlarla pul qazandı. Yenə də baxın, 1,5 milyard manatlıq 150 layihənin də taleyi o cür olmasın deyə, ona qarşı olan bütün monopolist müqavimətlərin qırılması istiqamətində ciddi addımlar atılmalıdır.
Qeyd etmək istəyirəm ki, hörmətli iqtisadiyyat naziri ilə söhbət zamanı maraqlı bir məsələ də ortaya çıxdı. Elə sahibkarlar var ki, devalvasiyaya qədər vəsait alıblar, yaxşı işlər qurublar, amma devalvasiya artıq onların vəsaitinin o işi tamamlamasına imkan vermir. Yaxşı olardı ki, Oqtay müəllim, qanunvericilik sənədlərində, əlavə hansısa sənədlərdə müəyyən dəyişikliklər edilsin ki, onlar yanmasınlar. Həmin adamlar artıq işin xeyli hissəsini, tutaq ki, üçdə iki hissəsini görüblər. Həmin iş adamlarına dəstək olunsun ki, bu adamlar sözün həqiqi mənasında öz işlərini sona çatdıra bilsinlər.
Azərbaycanda çox az ailə tapılar ki, onun krediti olmasın. Ona görə də Milli Məclisin iclası olanda deputatlara olan müraciətlərin əksəriyyəti dollarla krediti olan insanların taleyi ilə bağlı olur. Keçən dəfə biz bu məsələni qaldırmışdıq. Hesab edirəm ki, bu məsələni “nə şiş yansın, nə kabab” nöqteyi-nəzərindən bir qurumun üzərinə qoymaqla deyil, 4 yerə bölməklə həll etmək olar. Məsələn, Mərkəzi Bankın, dövlətin vəsaiti, kommersiya banklarının vəsaiti, bir də əhali kontekstində bu məsələni müəyyən dərəcədə həll etmək olar. Tutaq ki, 5 min manata qədər olan vəsaitlərin kompensasiyası ödənilə bilər, ondan çox olanları başqa bir rejimin tətbiqi ilə xeyli dərəcədə yumşaltmaq olar. Mən niyə hər dəfə bu məsələni qaldırıram? Ona görə ki, manatın devalvasiyası prosesi hələlik kulminasiya nöqtəsinə çatmayıb. Belə bir şəraitdə Konstitusiya Məhkəməsinin qərarı qalmaqda davam etsə, 7–10 min manat pul alanlara bir müddətdən sonra 3–4 dəfə artıq pul qaytarmaq olacaq, bunu isə qaytarmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılması, bir yumşaldıcı variantın qəbul edilməsi lazımdır. Elə bir varianta getmək lazımdır ki, həm əhaliyə, həm dövlətə, həm də kommersiya banklarına o cür ağırlıq düşməsin. Müəyyən dərəcədə kommersiya banklarına kompensasiya vermək lazımdır, çünki hər iki tərəfdə xalqdır. Banklardakı pulların 70 faizə qədəri əhalinin pullarıdır, bu birisi tərəfdə də əhalinin puludur. Ona görə də burada ortaq məxrəcə gəlinməsi istiqamətində addımların atılmasını zəruri hesab edirəm. Hesab edirəm ki, Azərbaycan bu böhrandan çıxacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Komitənin iclasında da kiçik kreditlər məsələsini qaldırdılar. Ancaq hamısını birdən etmək mümkün deyil. Gəlin, hələ bu qanunları qəbul edək, bankları bir stabilləşdirək, ondan sonra, yavaş-yavaş bu məsələ də həll olunacaq. Siz hər şeyi birdən deyirsiniz, belə olmaz, dünyada böhran gedir, bizdə də böhrandır. İndi əlimiz çatan qanun layihələri var, bunları bir stabilləşdirək, banklar normal işləsinlər, əmanətləri açsınlar, bu məsələni də həll etmək olar. Siz hamısını birdən istəyirsiniz. Ona görə, xahiş edirəm, bugünkü məsələnin üstündə dayanaq. Gələcək perspektivə hələ baxacağıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, qonaqlar! Həqiqətən də, dünənki müşavirədən sonra Azərbaycan insanında çox böyük bir ümid yaranıb ki, ölkədə köklü islahatlar aparılacaq və iqtisadi-sosial durum ciddi şəkildə dəyişəcək. Mən çox ümid və arzu edirəm ki, hökumət bu işin öhdəsindən gəlsin, Prezidentin qoyduğu tapşırıqlar doğrudan öz həllini tapsın. Mən, Oqtay müəllim, komitə iclasında da bir məsələyə diqqəti cəlb etdim, indi hörmətli Əli Məsimov da bu məsələnin üzərinə gəldi ki, niyə Prezidentin tapşırığı zamanında yerinə yetirilmədi ki, bizim xaricdə saxladığımız vəsaitdən 2 milyard gətirilib Azərbaycan banklarında yerləşdirilsin. Hörmətli Elman müəllimin cavabı belə oldu ki, bəs biz onsuz da Neft Fondundan ildə təqribən 6–7 milyard investisiya kim büdcəyə ayırırdıq və o, büdcə vasitəsilə xərclənirdi. Amma onun cavabını Şahin müəllim öz çıxışında verdi ki, həmin o büdcəyə ayrılan 7–8 milyard vəsait, xüsusilə də investisiya qoyuluşu, əsasən, infrastrukturun qurulmasına – xəstəxanaların, məktəblərin, yolların tikintisinə, körpülərin salınmasına, şəhərlərin abadlaşdırılmasına, yeni parkların salınmasına, bulvarın genişləndirilməsinə və sair və ilaxir sərf olunurdu. O vəsaitdən sahibkar özü istədiyi kimi istifadə edə bilmirdi. Amma bir də var, biz sahibkara imkan yaradırıq ki, sahibkar özünün sahibkarlıq bacarığına, qabiliyyətinə görə getsin, bankdan aşağı faizlə pul götürsün, hansısa məhsulu istehsal etsin.
Biz bu gün, sözün doğrusu, çox mütərəqqi qanunlar qəbul edirik. Mən bunu müsbət qiymətləndirirəm və səs verəcəyəm. Amma biz hələ də bazar iqtisadiyyatı olan ölkədə sahibkara imkan verməyəcəyiksə ki, özü istehsal etdiyi məhsulu özü istədiyi qiymətə satsın, bu, problem olaraq qalacaq. Bu gün biz konstitusiyaya, ölkə qanunlarına zidd olaraq sahibkarı faktiki surətdə qulluq mövqeyindən sui-istifadəyə və səlahiyyət həddini aşmağa görə cinayət məsuliyyətinə cəlb edirik ki, sən niyə qiyməti qaldırmısan? Məgər dünən sahibkar toyuğu 3 manata satanda o qiyməti kim müəyyənləşdirmişdi? Sahibkarın özü müəyyənləşdirmişdi, bu gün də 4 manat müəyyənləşdirir. Əgər o, vergidən yayınırsa, sonda vergi ödəməyəcəksə, vergidən yayınmağa görə onu məsuliyyətə cəlb etmək olar. Amma inzibati qaydada sahibkara demək ki, get, malını bu qiymətə sat, əlbəttə, sahibkar investisiya yatırmaqda maraqlı olmayacaq. Ona görə də bu məqama xüsusi diqqət yetirmək lazımdır.
İkincisi, mən Elman müəllimə bir sual ünvanladım ki, bəs niyə Azərbaycan bankları dollarla kredit verir? Axı, bizim Konstitusiyanın 19-cu maddəsində pul vahidi anlayışı var. Orada qeyd olunub ki, ölkə daxilində bütün ödənişlər yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər. Elman müəllim dedi ki, hüquqşünaslar daha yaxşı bilərlər, amma bu ödəniş kredit vermək demək deyil. Axı biz kredit borcları üzrə ödəniş deyirik də. Nə deyirik? Ödəniş sözünü işlətmirik, lap ödəniş sözünü işlətməyək, deyək ki, borcun qaytarılması və yaxud kredit üzrə borcların verilməsi, bu nəyi dəyişir? Söhbət ondan gedir ki, Azərbaycanın hüququ şəxsi ilə Azərbaycan vətəndaşı arasında xarici valyutadan istifadə olunur. Bunun qarşısını almaq lazımdır. Mən sizi əmin edirəm, əgər vaxtında Konstitusiyanın bu müddəasını Konstitusiya Məhkəməsi düzgün şərh etsə idi, bizim Mərkəz Bank da bu məsələyə düzgün yanaşıb icazə verməsə idi ki, ölkə Konstitusiyası pozulsun və kreditlər manatla verilmiş olsa idi, indi həmin kreditlər üzrə ödənişlərin edilməsində də, qaytarılmasında da devalvasiyaya görə bu problem yaranmazdı.
Üçüncüsü, birinci devalvasiyadan sonra kifayət qədər vaxt itirilib və bu müddət ərzində səmərəli qərarlar qəbul olunmayıb. Şahin müəllim söylədi ki, gələn il, yəni bu il Sahibkarlığa Kömək Milli Fondundan sahibkarlara 250 milyon pul veriləcək. Bu çox az vəsaitdir. Düşünürəm ki, – Əli müəllim burada təklif etdi, – 1–2 milyard pul gətirib Azərbaycan banklarında yerləşdirmək lazımdır. Qoy o pul üzərindəki sərəncam hüququnu Sahibkarlığa Kömək Milli Fonduna verək, qoy o, pul üzərində sərəncam versin. Sahibkarlara müvafiq olaraq məqsədli şəkildə 250 milyon yox, 2 milyard 250 milyon manat verək, sahibkar bir hissəsini özü ödəsin, qalan hissəni də, tutaq ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu versin ki, Azərbaycan iqtisadiyyatı inkişaf etsin.
Bundan başqa əlavə addımlar da atılmalıdır. Misal üçün, Oqtay müəllim, hər il Azərbaycandan 10 minlərlə tələbə xaricə üz tutur. Biz indi burada icbari yığım haqqında qəbul edirik ki, 50 mindən artıq pul köçürən adamlardan 20 faizə qədər məcburi yığım tutulsun. Çox normal, çox gözəl, mən bunu dəstəkləyirəm. Amma, görün, Azərbaycandan 10 minlərlə uşaq Ukraynaya, Gürcüstana, Türkiyəyə, Rusiyanın ayrı-ayrı universitetlərinə gedir. O universitetlərin nüfuzu heç də bizim universitetlərin nüfuzundan üstün deyil. Təhsil haqqını dollarla ödəyirlər, əlavə olaraq onların orada qalması üçün də yenə nə qədər xarici valyuta çıxır. Olmazmı ki, 2004-cü ilin vəziyyətinə qayıdaq? Ödənişsiz təhsil üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yenə də imtahanlar keçirsin. Amma keçid balından aşağı bal toplayanları icazə verək ki, bizim universitetlərə, həm özəl, həm də dövlət universitetlərinə ödənişli əsaslarla qəbul etsinlər. Bu gün xaricdə təhsil alan elə uşaqlar var ki, valideynləri, açığı sizə deyim, dolların kursu qalxdığına görə artıq təhsil haqqını ödəyə bilmirlər. Təhsil Nazirliyinə müvafiq göstəriş verilməlidir ki, o uşaqları Azərbaycanın universitetlərinə köçürsünlər. Burada böyük maliyyədən və çox sayda Azərbaycan vətəndaşının taleyindən söhbət gedir. Onsuz da dövlət qulluğuna qəbulla bağlı hamımız bilirik ki, onlar gəlib yenidən imtahan verməlidirlər. Bu baxımdan düşünürəm ki, bu addım atılmalıdır.
Sonra, bu viza rejimi aradan qaldırılmalıdır. Vaxtilə biz o 45 kilometrlik sərhəd məsələsi ilə bağlı viza rejimini İranla aradan qaldıranda mən dedim ki, Naxçıvanda şənbə və bazar günləri bütün ictimai-iaşə obyektləri cənubi azərbaycanlılarla dolu olurdu. Dil problemi yoxdur, orada bizim 30 milyon vətəndaşımız var. Onlar gəlirdilər, valyuta xərcləyirdilər. Biz nəyə nail olduq? İndi yenə də düşünürəm ki, İranla, Türkiyə ilə viza rejimi aradan qaldırılmalıdır, ya da sadələşdirilmiş viza rejiminə keçirməlidir ki, gəlsinlər, sərhəddə 10–20 dollar ödəməklə viza ala bilsinlər. Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir, amma Avropa Birliyi ilə birtərəfli qaydada vizanı aradan qaldırıb. Amma biz bunu etmirik. Qoy inkişaf etmiş ölkələrin vətəndaşları rahat gəlsinlər, burada valyuta xərcləsinlər. Biz bununla turizmi də inkişaf etdirə bilərik.
Ümumiyyətlə, regionlarla bağlı dəfələrlə biz burada məsələ qaldırmışdıq ki, regionlarda investisiya yatıran şirkətlərə ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Hətta onlar 1 il, 3 il, 5 il, ümumiyyətlə, vergidən azad oluna bilərlər ki, maraqlı olsunlar, ora vəsait yatırsınlar. Sonda diqqəti bir məsələyə də cəlb etmək istəyirəm. Oqtay müəllim, mən bilirəm ki, hər şeyi bir günün içində etmək olmaz. Bu gün mən söylədim ki, dünyada baş verən proseslərin də Azərbaycandakı bu duruma çox ciddi təsiri var. Amerika Birləşmiş Ştatlarından hər gün məlumat alırıq ki, birjalar çökür, Çində də birjalar çökür. Dünyanın birinci və ikinci iqtisadiyyatının olduğu bu ölkələrdəki real vəziyyət bütün dünya iqtisadiyyatına təsir edir. Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Hamımız bilirik ki, bəli, burada siyasi amillər də var. Amma təkcə problemlər bunlar deyil. Bizim iqtisadiyyatımızın ciddi problemləri var. Bu problemlərin həlli üçün hesab edirəm ki, bəzən qərarların qəbul olunmasında biz çox yubanırıq. Sürətli qərarlar qəbul olunmalıdır, özəlləşdirmə çox sürətli şəkildə həyata keçirilməlidir. Buna illərlə vaxt sərf olunmamalıdır. Biz dəfələrlə burada məsələ qaldırmışıq, səhiyyə obyektləri, dövlət universitetləri, səhmdar cəmiyyətlər, bunlar həm xaricdən özləri borca girirlər, həm də büdcədən onlara vəsait ayırırıq, sonra yaranmış borcları büdcə hesabına ödəyirik. Misal üçün, “Azərişıq”dır, “Azərsu”dur, “Azərqaz”dır, “Azal”dır, bunların hamısının artıq zamanı çatıb ki, özəlləşdirməyə çıxaraq. Mən zamanında deyirdim ki, belə olmaz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sag olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, dəvət olunmuş qonaqlar, mətbuat nümayəndələri! Cənab Prezidentin həm yanvarın 10-da, həm də dünən keçirdiyi müşavirəni və orada səsləndirdiyi fikirləri ümumiləşdirsək, bu gün hökumətin qarşısında duran 4 hədəfi açıq şəkildə görə bilərik. Cənab Prezidentin müəyyənləşdirdiyi bu hədəflər kifayət qədər aydındır. Bu hədəflərə nail olmaq ölkəni yen neftsiz mərhələyə hazırlamaq deməkdir. Biz bunları sıralasaq, ilk növbədə ictimai-siyasi sabitliyi qorumalıyıq. Birinci hədəfimiz budur. İkinci, manata olan inam və etimadı bərpa etməliyik. Bu da iqtisadiyyatımızın əsas xəttini təşkil edir. Üçüncü, qeyri-neft sektorunun sürətlə inkişafına nail olmalı və struktur islahatlarını davam etdirib, dərinləşdirməliyik.
Nəhayət, 4-cü hədəf böhranın mənfi təsirlərini və risklərini minimuma endirmək, əhalinin sosial müdafiəsini təmin etməkdən ibarət olmalıdır. Hesab edirəm, dövlət başçısı bu barədə fikirlərini kifayət qədər açıq söylədi. Ona görə bu gün Milli Məclis də, ayrı-ayrı aidiyyəti qurumlar da məhz bu proqramdan çıxış edərək öz fəaliyyətlərini qurmalıdırlar.
Mən ictimai-siyasi sabitliyi təsadüfən birinci demədim. İctimai-siyasi sabitlik olmadan hər hansı bir islahatı həyata keçirmək mümkün deyil. Ona görə də bu gün hamımızın qarşısında duran əsas məqsəd məhz bu sabitliyi qorumaq və davam etdirməkdir. Mən, əlbəttə, əhalinin narahatlığını başa düşürəm. Onların bölgələrdə hər hansı bir formada nümayiş keçirmək haqlarını da tanıyıram. Amma gəlin, etiraf edək ki, hər şey qanun çərçivəsində olmalıdır. Bu gün müşahidə etdiyimiz bəzi məsələlər bizi ciddi şəkildə narahat etməyə bilməz. Bu mitinqlərin təşkilində kənar müdaxilələri biz açıq şəkildə görürük. Ona görə də, hesab edirəm ki, bu gün ictimai-siyasi sabitliyin qorunması hər bir vətəndaş üçün mühüm bir vəzifədir. Biz bunu dərk etməliyik.
İkinci manata olan inam və etimad məsələsidir. Şübhəsiz, bu gün burada müzakirə etdiyimiz qanun layihələr manata inam və etimadı tam şəkildə bərpa etməyə yönəlib. Təsadüfi deyil ki, bu gün iqtisadçılar da, sahibkarlar da, – biz açıq etiraf etməliyik, – manatın məzənnəsində baş verən dəyişikliklərdən kifayət qədər narahatdırlar. Bu, investisiya qoyuluşuna ciddi surətdə maneçilik törədir. Ona görə də bu gün bizim müzakirəyə çıxardığımız qanunu ümumiləşdirsək, görərik ki, xüsusilə əmanətlərin tam sığortalanması, onlardan əldə olunan gəlirlərin vergidən azad olunması, dollarlaşmanın tənzimlənməsi manata olan inam və etimadı bərpa etməyə yönəlibdir.
Üçüncü, əlbəttə, hamımızı düşündürən əsas məqamlardan biri budur ki, qeyri-neft sektorunu necə inkişaf etdirək? Struktur islahatlarını hansı formada aparaq, bu işlər hansı istiqamətdə həyata keçirilsin ki, bunlar gələcəkdə bir-birini tamamlasın. Mən bu istiqamətdə cənab Prezidentin son günlər atdığı addımları təqdir etmək istəyirəm. Artıq bu istiqamətdə kifayət qədər ciddi addımlar var. Struktur islahatları çərçivəsində bir neçə dövlət qurumu ləğv olunub və cənab Prezident dünən də qeyd etdi ki, artıq təkrarlanan dövlət qurumlarının ləğvi və yaxud da birləşdirilməsi məsələsi yaxın vaxtlarda öz həllini tapacaq.
Ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırılıbdır. Hesab edirəm ki, sahibkarlar bundan maksimum dərəcədə faydalanmalıdırlar. Lisenziyanın verilməsinin sadələşdirilməsi və müddətsiz həyata keçirilməsi çox müsbət haldır. Bu gün Gömrük komitəsində bizim hamımızı düşündürən əsas məsələ idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması və inhisarçılığın tam aradan qaldırılmasıdır. Bütün insanlar iqtisadçı, siyasətçi, hüquqşünas olmasından asılı olmayaraq, bir məsələdə həmrəydirlər ki, bu gün bizim iqtisadi inkişafımızın təməlində duran əsas məqamlardan biri neqativ halların, korrupsiyanın tam aradan qaldırılmasıdır. Hesab edirəm, cənab Prezident bu barədə öz fikirlərini kifayət qədər bildiribdir.
Bizi düşündürən məqamlardan biri də, – bu gün biz burada çox danışırıq, dövlət başçısı da dəfələrlə qeyd edib, – süni qiymət artımı ilə bağlı məqamdır. Əlbəttə, biz sahibkarları müdafiə etməliyik, onların öz fəaliyyətlərini sərbəst şəkildə tənzimləmələrinə şərait yaratmalıyıq. Amma söhbət burada sui-istifadədən, özbaşınalıqdan və əlbəttə ki, işbazlıqdan gedir. Ona görə də bu hallara qarşı dövlət, şübhəsiz, öz sərt addımlarını atır və atmalıdır. Cənab Prezidentin son günlər müəllimlərin, həkimlərin maaşlarının qaldırılması, sosial müavinətlərin və pensiyaların həcminin artırılması ilə bağlı qəbul etdiyi qərarları da burada qeyd etmək istəyirəm. Dövlət başçımız da qeyd etdi, il ərzində bu məsələyə dəfələrlə qayıda bilərik, yaxud da məsələyə yenidən baxıb həcmi bir daha qaldırmaq olar. Amma istənilən halda hökumətin bugünkü böhran şəraitində atdığı addımlar hesab edirəm ki, cəmiyyət tərəfindən dəstəklənir və bizim Milli Məclis də bu istiqamətdə öz töhfəsini verməlidir.
Növbəti məsələ böhranın mənfi təsirlərinin və risklərinin aradan qaldırılması ilə bağlıdır. Burada bir neçə məsələ var. Mən istərdim, bizim Mərkəzi Bankın hörmətli rəhbəri, həm də iqtisadiyyat naziri bəzi suallara aydınlıq gətirsin. Biz dəfələrlə demişik, ictimaiyyətdə də bu fikir kifayət qədər geniş şəkildə müzakirə olunur ki, dollarla götürülən kreditlərdə hansı siyasət tətbiq olunacaq. Bununla bağlı müxtəlif açıqlamalar verilibdir. Mən hesab edirəm, bu gün artıq vaxtıdır ki, bizim Mərkəzi Bankın hörmətli rəhbəri və aidiyyəti qurumlar bununla bağlı öz fikirlərini açıq şəkildə bildirsinlər. Burada müxtəlif təkliflər, variantlar var. Devalvasiyadan əvvəl olan məzənnənin tətbiqi, yaxud da müəyyən qədər risk qruplarının müəyyənləşdirilməsi. Məsələn, elə ailələr var ki, bir neçə ailə üzvü dollarla kredit götürübdür. Onların, doğrudan da, bunu ödəmək imkanları yoxdur. Bu cür şəxsləri, qrupları müəyyənləşdirib onlara müəyyən yanaşmalar, güzəştlər tətbiq etmək olar. Təklif var ki, 10 min dollara qədər krediti olanlara qarşı ayrıca bir rejim yaradılsın.
Bu gün bilirsiniz ki, təəssüflər olsun, böhran nəticəsində bir sıra qurumlar iş yerlərini ixtisar etməyə məcbur olublar. Əlbəttə, təbii prosesdir, başa düşürük, amma ixtisar aparılan zaman da biz bir şeyə fikir verməliyik, elə ailə var ki, onun bir neçə işləyən üzvü ixtisara düşübdür. Onlara hər hansı bir kompensasiyanın ödənilməsi məsələsi hökumətin diqqətində olmalıdır. Mən iqtisadiyyat nazirindən və aidiyyəti qurumlardan soruşmaq istəyirəm ki, onlara müəyyən kompensasiya ödəniləcəkmi, yaxud da bu hal nəzərə alına bilərmi, ailədə, heç olmasa, bir nəfər iş yerini itirməsin. Əlbəttə, bu, kütləvi haldır, amma bizi düşündürən məsələlər sırasındadır.
Növbəti məsələ. Mən hesab edirəm, biz ictimai müzakirələri bərpa etməliyik. Bu gün çox yaxşı olardı ki, iqtisadi bloka rəhbərlik edən qurumların nümayəndələri, rəhbərləri cəmiyyətlə debatlara, ictima müzakirələrə getsinlər. Niyə yerlərdə, bölgələrdə ictimai müzakirələr aparmayaq? Yeri gəlmişkən, cənab Prezident ayın 10-da keçirdiyi tədbirdə, Nazirlər Kabinetinin son iclasında ictimai nəzarətlə bağlı məsələyə toxundu. İctimai nəzarət, əlbəttə, mütləq olmalıdır. Cənab Prezident bunu qeyd etdi, hökumətə tapşırdı ki, ictima nəzarətin mexanizmləri haqqında düşünmək lazımdır. Biz necə edək ki, doğrudan da, səmərəl ictimai nəzarəti təşkil edə bilək. Mən məlumat üçün deyim ki, artıq Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatına Dövlət Dəstəyi Şurası olaraq biz bu məsələni müzakirə etmişik. Müxtəlif istiqamətlər üzrə təkliflər hazırlanır və yaxın zamanlarda cənab Prezidentə ictimai nəzarətlə bağlı öz təkliflərimizi verəcəyik. Bəlkə, hörmətli Oqtay müəllim, əgər ehtiyac varsa, biz ictimai nəzarət haqqında qanun layihəsi haqqında da düşünək? Bəlkə bizim qanunvericilikdə olan boşluqların aradan qaldırılması üçün bu təklifin də öz müsbət töhfəsi ola bilər.
Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. İnformasiya ilə bağlı yaşadığımız bir hal var, – həmkarlarımız da qeyd etdilər, – təəssüflər olsun ki, bu gün biz informasiya sahəsində müxtəlif təxribatlarla qarşı-qarşıyayıq, bəzi sosial şəbəkələrdə, saytlarda əsası olmayan məlumatlar verilir. Məsələn, o gün məlumat verildi ki, Müdafiə Nazirliyi əməkdaşlarının, əsgərlərin və zabitlərin əmək haqları 50 faiz azaldılıbdır. Bu nə deməkdir? Bu bizim birbaşa təhlükəsizliyimizi təhdid edən yalançı və əsassız məlumatdır. Müdafiə nazirinin bu xəbəri təkzib etməsi bir gün çəkdi. Olmazmı ki, ona dərhal reaksiya verilsin və bu təkzib olunsun? 3–4 il bundan qabaq Azərbaycanın başqa-başqa bölgələrində, yaxud da dünyanın ayrı-ayrı ölkələrində keçirilmiş mitinqlərin video görüntülərini yayırlar və bunu hansısa bir rayonda olan aksiya kimi təqdim edirlər. Hesab edirəm, bu yolverilməzdir və heç bir halda heç kəs öz məsuliyyətini unutmamalıdır. Əminəm ki, biz bu sınaqdan da layiqincə çıxacağıq. Cənab Prezident bu istiqamətdə kifayət qədər qərarlıdır.
Sonda bildirmək istəyirəm ki, siyasi görüşündən asılı olmayaraq, hətta hökumət tənqid edən bir çox qeyri-hökumət təşkilatları da, vətəndaş cəmiyyəti institutları da bu gün dövlətin yanındadır, biz onlarla sıx təmasdayıq. Bu gün vətəndaş cəmiyyəti institutları cənab Prezidentin həyata keçirdiyi islahatları tam şəkildə dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dünənki müşavirədə cənab Prezident dünyada və ölkədə yaranan vəziyyətlə bağlı iqtisadi islahatların konkret istiqamətlərin müəyyənləşdirdi, ciddi tapşırıqlar verdi. O yenə də qeyd etdi ki, sosial sahədə heç bir ixtisar olmamalıdır. Onun bildirdiyi kimi, bundan sonra da siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Bütün əhali İlham Əliyevin çıxışını, onun göstərişləri əsasında maaşların, pensiya və müavinətlərin artırılmasını məmnunluq hissi ilə qarşıladı. Eyni zamanda, bu gün bizə təqdim olunan qanunlar təqdirəlayiqdir və onların da böyük əhəmiyyəti olacaq. Mən buna inanıram və hökumətimizə təşəkkürümü bildirirəm. Ancaq bununla bağlı mənim fikrimcə, bir neçə təxirəsalınmaz məsələyə yenidən baxılmalıdır. Həmkarlarım bu barədə çox dəqiq danışdılar. Mən də bir neçə təklif və sualla Elman Rüstəmova və Şahin müəllimə müraciət etmək istəyirəm.
İlk növbədə demək istəyirəm ki, bank sisteminə qarşı yaradılmış müəyyən inamsızlıq aradan qaldırılmalıdır. Mənə elə gəlir ki, bu, Mərkəz Bank üçün çox ümdə məsələdir. Bütün ajiotajı əhalinin üstünə atmaq düzgün deyil. Bizim camaatımız bu 10 ildə banklara çox inanırdı. Hətta mənzillərini, bağlarını, torpaq sahələrini satıb əldə olunan pulları banklara qoyurdular ki, müəyyən faiz qazansınlar. Lakin sonra nə baş verdi? Texnikabankda, Beynəlxalq bankda xoşagəlməz proseslər baş verdi, hətta həbs olunanlar belə oldu. Bu problemlər adi, sıravi vətəndaşların başında çatlamamalıydı. Fevral ayında dollar qalxanda mənə seçicilərim müraciət etdilər, Texnikabankda olan əmanətlərini onlara qaytarmırdılar. Özü də bunlar balaca əmanətlər idi, 8 min, 50 min. Kimi evini satmışdı, kimi bağını. İndi onları asta-asta manatla qaytarmaq istəyirlər, axı bu manatın dəyəri 2 dəfə düşüb. Ya da dekabr hadisələrini götürün. Mərkəzi Bank valyuta kursunu elan edib, Beynəlxalq banka getdim, dedim ki, mənim bir az manatım var, onu dollara çevirin. Dedilər, çevirə bilmərik. Soruşdum ki, nəyə görə, mən axı rəsmi qaydada gəlmişəm. Deyir, ona görə ki, Mərkəzi Bank valyuta kursunu elan edir, lakin valyutanı satışa buraxmır. Amma qara bazarda var. Dekabr günlərində qara bazarda valyuta 1.80-nə, 1.90-na, 2 manata var idi. Bundan kim qazandı? Bir neçə insan külli miqdarda qazandı. Bu qara bazarda qara əməliyyatlar mütləq dayandırılmalı idi. Ya da biz deyirik ki, indi banklar bağlanır. Bank of Azərbaycan bağlandı. Mənim bununla əlaqədar sualım var. Bəs orada olan əmanətlərin aqibəti necə olacaq? Texnikabankdakı kimi olmayacaqmı? Camaatı bu düşündürür.
İkinci məsələ. Mən başa düşürəm, Oqtay müəllim, Sizinlə tam razıyam ki, biz bütün bu məsələləri birdən-birə həll edə bilmərik. Lakin bizim seçicilərimiz biləndə ki, növbədənkənar sessiyadır, bilirsiniz, rayonlardan nə qədər zənglər oldu, axı milyonlarla insan kreditlə bağlı, əsasən də, balaca kreditlərlə bağlı qərar gözləyir. Mən demirəm, bu gün bu qərarı qəbul edək. Amma məsələn, Rusiyada devalvasiya olandan sonra Konstitusiya Məhkəməsi qərar verdi, əhaliyə dayaq durdular, dollarla alınan kreditlərin heç olmasa, balaca məzənnə ilə ödənilməsini təmin etdilər. Demirəm ki, birdən-birə hamısını, amma heç olmasa, bir qərar qəbul etsinlər və camaata bunu elan etsinlər ki, camaat bir az sakitləşsin. Çünki, doğrudan da, kredit məsələsi çox ağır məsələdir. Heç olmasa, 10 mindən yuxarı olmayan dollar kreditlərini 21 dekabra qədər olan məzənnə ilə ölçmək olar, ya da başqa bir çıxış yolu tapmaq olar. Çünki camaat çox böyük gərginlik içində yaşayır. Biz gərək bunu nəzərə alaq.
Ümumiyyətlə, antiböhran proqramının hazırlanmasını zəruri edən amillərdən biri odur ki, bu istiqamətdə vahid mövqe, vahid konsepsiya olmalıdır. Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, iqtisadiyyatımız tam liberallaşdırılmalıdır, sahibkarlar lüzumsuz yoxlamalardan, əlavə ödəmələrdən, süni əngəllərdən azad olmalıdırlar. Özü də bu işlərə böyük start verib. Amma bilirsiniz, yenə də yerlərdən eşidirik ki, vergi orqanından başqa da bir sıra qurumlar dövlət başçısının sərəncamının əksinə olaraq yenə də lüzumsuz yoxlamalar keçirir, yenə də sahibkarlardan haqq tələb edirlər. Belə hallara, nəhayət, son qoyulmalıdır. Çünki bu ən azı Prezidentin qərarlarına hörmətsizlikdir, mən bunu sabotaj kimi qiymətləndirirəm.
Ya da digər bir misal gətirim. Keçən ilin sonlarında hər kəs tərəfindən çox böyük məmnunluqla qarşılanan qərar eşitdik ki, vətəndaşlar özləri üçün gömrük rüsumu olmadan şəxsi istifadəyə görə 10 min manat dəyərində mal gətirə bilərlər. Amma indi biz yenidən görürük ki, bu min manata qədər məhdudlaşdırılıb. Halbuki növbəti, 1–3 il ərzində biz sadə vətəndaşlara, xüsusən də xırda və orta sahibkarlara tam sərbəstlik verməliyik. Respublikaya nə qədər çox ərzaq məhsulu, məişət avadanlıqları gəlsə, bu, bolluğa və qiymətlərin azalmasına səbəb olacaq. Amma biz əksinə olaraq yenə də ƏDV-ləri qaldırırıq, görürəm, söhbətlər var ki, gömrük rüsumlarını qaldırmaq lazımdır. Məsələn, bu yaxınlarda mətbu orqanların yayımı ilə məşğul olan qurumlar, – Şahin müəllim, buna da bir fikir verərsiniz, zəhmət olmasa, – mənə müraciət etdilər. Bilirlər ki, jurnalistəm, qəzetlə, jurnalla maraqlanan insanam. Bu ilin əvvəlində Nazirlər Kabinetinin qərarı ilə ölkəyə gətirilən qəzet və jurnallara yenə də 18 faiz ƏDV tətbiq edildi. Başa düşürəm, büdcəni doldurmaq lazımdır. Məgər 1990-cı illərdə vəziyyət bundan ağır deyildi? Heydər Əliyev bunu ləğv etdi. Biz müraciət etdik, bir sıra mətbu orqanları, Yazıçılar İttifaqı müraciət etdi. 2 dəfə – 1990-cı illərdə və 2000-ci illərin lap əvvəlində bu qərarı ləğv etdilər. 18 faiz ƏDV ixtisar edildi. Jurnalistlər, yazıcılar ziyalı təbəqəsidir. Bir sözlə, güclü vəsaiti olmayan insanlar abunəyə yazılırlar. Biz 18 faiz ƏDV-nin tətbiqi ilə ziyalı təbəqəsini mənəvi qidadan məhrum edirik. Ona görə çox xahiş edirəm ki, bu məsələyə yenidən qayıdaq. İnanıram ki, dövlətimiz bu maliyyə çətinliklərindən, iqtisadi böhrandan tez bir zamanda çıxa bilər və çıxacaq.
Doğrudan da, biz inkişaf etmiş güclü ölkəyik və çox böyük uğurlarımız var. Mən inanıram ki, 1–2 ildən sonra biz bütün bu çətinlikləri bəlkə də gülümsəyərək yada salacağıq. Çünki böyük layihələrimiz, həm tranzit, həm də infrastruktur layihələrimiz, qaz layihələrimiz realizə olunacaq. İndiki halda hamımız bir nöqtəyə vurmalı, öz işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Bütün sahələrdə büdcə vəsaitlərinə qənaət etməliyik. Yenə də təkrar edirəm, insanlara sənəddə, sözdə deyil, real həyatda iqtisadi sərbəstlik verməliyik. Çünki bizim xalqımız çox işgüzardır, zirəkdir. Sadəcə, ona etibar etmək və dəstək olmaq lazımdır. Sonda mən suallarımı bir də təkrar edirəm. Hörmətli Elman müəllim, bizim dollarla olan balaca kreditlərin sonluğu necə olacaq? İnsanların bağlanan banklarda olan əmanətlərinin sonu necə olacaq? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hələ 23 nəfər də çıxışa yazılıb. Mən səhərdən fikir verirəm ki, qanun layihəsinin məğzindən, bizə nə verməyindən danışanların sayı çox azdır. Əsas məsələlər qalır, keçirik başqa məsələlərə. Mən əvvəldə də çıxışımda dedim ki, qanunun aliliyindən, vacibliyindən danışaq. Xahiş edirəm, qanun layihəsindən daha çox danışaq. Bu növbədənkənar sessiyanın çağırılmasının məqsəd insanların iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün bu qanunun təcili qəbul olunmasıdır. Siz dediniz ki, Rusiyada qərar qəbul edildi. Rusiyada qərar il yarım qabaq qəbul olunub. İndi öyrənin, görün, o qərardan sonra 1 qəpik pul ödənilib, ya ödənilməyib? Ödənilməyən qərarı niyə qəbul etməliyik? Mən ona görə deyirəm ki, bəzi məsələlər birdən həll olunmaz. Bu yavaş-yavaş olmalıdır, bu başlanğıcdır. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! İlk olaraq, cənab Prezidentin Milli Məclisə paket şəklində təqdim etdiyi 7 qanun layihəsinə dəyişiklikləri mən inqilabi dəyişikliklər adlandırmaq istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, bu qanun layihələrinə edilən dəyişikliklər Azərbaycan iqtisadiyyatının indiki vəziyyətində onun inkişafına çox mühüm təsir göstərəcəkdir. Bilirsiniz ki, dünya iqtisadiyyatında çox böyük böhran yaşanır. Qonşu dövlətlərdə milli valyutaların devalvasiyası Azərbaycan manatına da öz təsirini göstərdi. Amma buna baxmayaraq, Azərbaycan dövləti 2015-ci ili ümumi daxili məhsulun 1 faizdən artıq artımı ilə, sənayenin artımı ilə, kənd təsərrüfatının 6 faiz artımı ilə başa vurdu. 2016-cı il Azərbaycan iqtisadiyyatında müəyyən problemlərlə başlandı və bütün bu problemləri nəzərə alan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev əhalinin sosial vəziyyətini nəzərə alaraq, devalvasiyanın vurduğu ziyanı müəyyən qədər məhdudlaşdırmaq üçün ilk olaraq Azərbaycanda çörəyin, unun, buğdanın qiymətini stabilləşdirməklə bağlı əlavə sərəncam imzaladı. Bunları əlavə dəyər vergisindən azad etməklə inzibati yolla deyil, bazar iqtisadiyyatının metodları ilə çörəyin, unun, buğdanın qiymətini stabilləşdirdi. Ondan sonra süni qiymət artımına qarşı mübarizə ilə əlaqədar olaraq hökumətin iclasında Azərbaycanın hökumət qurumlarına çox ciddi göstərişlər verdi. Əlbəttə, süni qiymət artımı deyəndə, biz obyektiv qiymət artımından danışmırıq. Süni qiymət artımı o artımdır ki, bir sıra möhtəkirlər, sahibkarlar əhalinin vəziyyətini nəzərə almayaraq yüz faiz gəlir götürmək məqbulunda qiymətləri artırırlar. Bu yolda da Azərbaycanın dövlət başçısının məhz müdaxiləsindən sonra İqtisadiyyat Nazirliyi müəyyən addımlar ataraq qiymət artımının qarşısını almaq üçün bir sıra tərdirlər planı işləyib hazırladı.
Ümumiyyətlə götürəndə, son dövrlərdə qəbul edilən qərarlar çox ciddi qərarlardır. Bir iqtisadçı kimi onu demək istəyirəm ki, hər bir qərarın, hər bir qanunun arxasında müəyyən qədər maliyyə vəsaiti dayanıb. Düzdür, Azərbaycanın 40 milyarda yaxın maliyyə ehtiyatı var. Amma Azərbaycanın dövlət başçısı bu ehtiyatları xərcləməyib gələcək nəslə saxlamaq üçün bir sıra qərarları məhz Azərbaycanın daxili ehtiyatları hesabına yerinə yetirməyə üstünlük verdi.
Bu gün bizə, Milli Məclisə daxil olmuş bu 7 qanun layihəsi ilə əlaqədar olaraq öz fikirlərimi bildirmək istəyirəm. Əlbəttə, “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklər və Əmanətlərin tam sığortalanması haqqında qanun layihəsi çox unikal və müsbət addımlardır. Bu həm bank sisteminin sağlamlaşdırılması, bank sistemində yaranmış dollar, manat nisbətinin müəyyən qədər stabilləşdirilməsi, o cümlədən Azərbaycan əhalisinin vəziyyətini nəzərə alaraq onların banka olan etimadının daha da yüksəldilməsi üçün atılan addımlardır. Əmanətlərin tam sığortalanması, əlbəttə, bank sisteminin inkişafına da öz müsbət təsirini göstərəcəkdir. Valyuta tənzimi haqqında qanun layihəsi ilə əlaqədar burada qeyd edildi və komitənin iclasında da öz fikirlərimiz bildirmişik. Cənab Prezidentə də öz fikirlərimizi bildirmişik. Cənab Prezident bu qanun layihəsini Milli Məclisə təqdim etməklə bir daha onu göstərdi ki, Azərbaycanda son vaxtlar manatın devalvasiyasından sonra valyuta ilə əlaqədar yaranmış vəziyyəti stabilləşdirmək, Azərbaycandan kənara valyuta ixracının qarşısını müəyyən qədər almaq üçün bu addımlar məcburidir. Əlbəttə, bu, inzibati metod da sayıla bilər. Amma indiki vəziyyətdə mən belə hesab edirəm ki, cənab Prezident tamamilə düzgün qərar qəbul edib və bu addımın atılması vacib idi. Yəni Azərbaycandan kənara 50 min dollardan yuxarı vəsaitin köçürülməsi məhz Azərbaycanın dövlət büdcəsinə müəyyən verginin ödənilməsi ilə bağlıdır. Mərkəzi Bankı İdarə Heyətinin sədri cənab Elman Rüstəmovun komitənin iclasında da qeyd etdiyi kimi, bank ilə əlaqədar bu məsələlərin Milli Məclisdə qəbul edilməsi əhalinin bank sisteminə olan etibarlılığını və etimadını yüksəldəcəkdir.
Digər məsələlər, yəni dövlət satınalmaları, gömrük tarifi, Vergi Məcəlləsində dəyişikliklər, əlbəttə, bunlar da çox önəml məsələlərdir. Biz, ola bilər ki, bunun nəticəsin 1 ildən sonra hiss edəcəyik. Dövlət başçısının qeyd etdiyi kimi, son vaxtlar aparılan struktur islahatları nəticəsində Dövlət Satınalmalar Agentliyinin ləğv edilərək İqtisadiyyat Nazirliyinə verilməsini mən çox yüksək qiymətləndirirəm. Çünki bu agentlik ətrafındakı çox ciddi bürokratik əngəllər, müəyyən rüşvət halları və digər məsələlər mətbuatda mütəmadi olaraq bildirilirdi. İqtisadiyyat Nazirliyi məhz Azərbaycan iqtisadiyyatına cavabdeh olan bir təşkilat, orqan kimi satınalmalar haqqındakı bütün məsələləri də həll etməlidir. Sonra, burada “Gömrük tarifi haqqında” Qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliklərdə Azərbaycana gətirilən avadanlıqların 7 il müddətinə vergidən azad edilməsi, əlbəttə, müsbət haldır. Bir vaxtlar, yadınıza gəlirsə, biz Azərbaycana gətirilən müəyyən tipli avadanlıqların vergidən azad edilməsi haqqında qanun qəbul etmişdik. Amma sonradan bu qanunun yerinə yetirilməsində müəyyən problemlər yarandığı üçün həmin qanunu ləğv elədik. Sonradan biz texnoparkların 7 il müddətinə vergidən azad edilməsi ilə əlaqədar cənab Prezidentin təqdimatı ilə gələn qanun layihəsini qəbul elədik. Azərbaycan iqtisadiyyatının inkişafı, Azərbaycanda yerli sahibkarlığın necə deyərlər, normal fəaliyyət göstərməsi üçün həmin avadanlıqların vergidən azad edilməsinə çox böyük ehtiyac var.
İkinci böyük məsələ yerli istehsalı artırmaq üçün xarici istehsalla bağlı edilən dəyişiklikdir. Yerli istehsalçılar arasında 20 faiz güzəşt edilməsi də müsbət haldır. Çünki yerli istehsalçılar olan sahibkarlar Azərbaycanda yerli istehsalın inkişafına daha çox diqqət yetirəcəklər. Əlbəttə, bu qanun layihələri, – bayaq Əli müəllim də qeyd elədi, – çox müsbət, mütərəqqi qanun layihələridir. Biz bunları, əlbəttə, səs verib qəbul edəcəyik. Əsas mexanizm bunların icrasıdır. Bu icra mexanizmini dəqiq həyata keçirmək, əlbəttə, Azərbaycan hökumətinin məsuliyyətidir. Biz millət vəkilləri olaraq Azərbaycan hökumətinə bu yöndə kömək etməliyik. Cənab Prezidentin verdiyi sərəncamlara, son vaxtlar apardığı iclaslara mən fikir verirəm. Cənab Prezident faktiki olaraq Azərbaycan iqtisadiyyatının koordinasiyasını bütünlüklə öz üzərinə götürüb. Bu çox müsbət haldır. Verdiyi bütün qərarlarda bu özünü büruzə verir. Xüsusilə cənab Prezidentin bizi çox narahat edən inhisarçılıq, idxal-ixrac əməliyyatlarının liberallaşdırılması ilə əlaqədar verdiyi göstərişlər, Gömrük Komitəsinin sədri Aydın Əliyevin “ASAN xidmət” mərkəzinin rəhbəri ilə görüşü nəticəsində müəyyən məsələlərin həll edilib “ASAN xidmət” mərkəzinə verilməsi, lisenziyaların sayının da azaldılaraq “ASAN xidmət” mərkəzinə verilməsi, mən belə hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı üçün önəmli olan məsələlərdir.
Əlbəttə, bizi ən çox narahat edən başqa bir məsələ regionların iqtisadi inkişafıdır. Komitə iclasında iqtisadiyyat naziri olan Şahin müəllim qeyd elədi ki, təxminən regionlarda 1,5 milyard manat səviyyəsində 150-ə yaxın layihə həyata keçiriləcək. Mən xahiş edərdim ki, bu layihələr hər bir regionda, hər bir rayonda elə həyata keçirilsin ki, həm kənd təsərrüfatı emalı müəssisələri, həm də sənaye sahələrinin inkişafı üçün eyni şərait yaradılsın. İkinci ən ciddi məsələlərdən biri, – mən komitənin iclasında da qeyd elədim, – bank məsələsidir. Azərbaycanda 43 bank var. Bu, həddən artıq çoxdur və bizim, ümumiyyətlə, belə bir fikrimiz var ki, bu, müəyyən qədər sadələşdirilməlidir, yəni tərəqqiləşmə prosesi getməlidir. Mən bu bankların bağlanmasının tərəfdarı deyiləm, çünki bu, müəyyən problemlər yaradır. Cənab Prezident İlham Əliyev də devalvasiyadan sonra keçirilən iclasda bu məsələyə toxundu və bankların birləşdirilməsi ilə əlaqədar Mərkəzi Banka müəyyən göstərişlər verdi. Mən də belə hesab edirəm ki, ümumiyyətlə, bankların birləşməsi mexanizmi həyata keçirilməlidir.
Ümumilikdə götürəndə, əlbəttə, özəlləşdirmə ilə əlaqədar məsələyə də toxunmaq istəyirəm. Cənab Prezident bu məsələyə toxundu. Yeni obyektlərin özəlləşdirməyə açılması çox vacibdir. Elə obyektlər var ki, özəlləşdirilib, amma 10 illərdir, fəaliyyət göstərmir. Kimlər tərəfindənsə alınıb, amma istifadə olunmur. Siyahı tutub həmin obyektləri üzə çıxarmalıyıq. Yəni onların fəaliyyətini bərpa etmək lazımdır. Mən belə hesab edirəm ki, cənab Prezidentin təqdim etdiyi bu qanunlar işləsə, verdiyi göstərişlər lazımi səviyyədə yerinə yetirilsə, Azərbaycan iqtisadiyyatında heç bir ciddi problem olmayacaq. Mən bu işdə Azərbaycan hökumətinə uğurlar arzu edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, Siz o biri, 6-7-8-ci məsələləri də bunlara qatdınız. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim edilmiş qanunlar toplusu ölkə Prezidentinin islahatların keçirilməsi ilə bağlı atmış olduğu sistemli addımların növbəti mərhələsidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə yaranmış olan xoşagəlməz vəziyyətdən sığortalanmasına hesablanan iqtisadiyyatımızın daha da sağlamlaşmasına və inkişafına xidmət eləyən bir addım kimi qiymətləndirilməlidir. Heç şübhəsiz ki, təqdim olunan qanun layihələri yaxın gələcəkdə özünün müsbət və əhəmiyyətli nəticələrini göstərəcəkdir. Mən istər əmanətlərin sığortalanması, istərsə də valyutanın tənzimlənməsi ilə bağlı təqdim edilmiş qanun layihələrinin ilk növbədə, Azərbaycan vətəndaşının banklara olan inamsızlığının aradan qaldırılmasına xidmət edəcəyinə əminəm. Lakin bununla bərabər düşünürəm ki, bu gün bütün cəmiyyətdə sanki dolların manatla müqayisədə daha da möhkəmlənməsi ilə bağlı bir qorxu mövcuddur. Lakin buna heç bir ehtiyac yoxdur. Nə Azərbaycanın indiki durumu, nə də gələcəyə hədəflənmiş iqtisadi siyasət belə bir təşvişə, ajiotaja əsas yaradır.
Bir balaca paralellik aparmaq istərdim. Xatırlayırsınızsa, 2003-cü ildə dünyada neftin qiyməti 19 dollara qədər idi. Azərbaycanın valyutası, milli manatımız o qədər də möhkəm deyildi. Onda Azərbaycana nə oldu? Yaşamırdıq? Yaşayırdıq. Heç nəyə də ehtiyac yox idi. Cəmiyyət öz inkişafının növbəti mərhələləri haqqında düşünürdü. İnkişaf və dinamika var idi. Ona görə də nəzərə almaq lazımdır ki, Azərbaycanın çox geniş potensialı, imkanları var. Biz hələ o imkanları maksimum şəkildə hərəkətə gətirə bilməmişik. Yəqin ki, yaxın gələcəkdə həmin potensial daha ciddi şəkildə hərəkətə gətiriləcəkdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, bu, ilk növbədə kənd təsərrüfatı ilə bağlıdır. Bu gün kənd təsərrüfatının imkanlarından son dərəcə ciddi və geniş formada istifadə etməyə ehtiyac var. Ehtiyac var ki, Azərbaycanın qida məhsullarına olan ehtiyacını özümüzün istehsal etdiyimiz məhsulla təmin edək. Xaricdən nə taxıl, nə də quş yemi alaq. Çalışaq ki, xaricdən alınan hansısa qida məhsuluna bizim ehtiyacımız olmasın. Bunun üçün mənə elə gəlir ki, kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar bundan sonra daha sürətlə həyata keçirilməlidir. Misal üçün, daha konkret təklif vermək istərdim. Ölkə Prezidentinin iradəsi ilə bu gün Azərbaycanda iri fermer təsərrüfatları yaradılır. Yaxşı olardı ki, həmin iri fermer təsərrüfatlarına quşçuluqla məşğul olan insanlar da cəlb olunsunlar. Eyni zamanda, un istehsalı ilə məşğul olan sahibkarlar da cəlb edilsinlər, bunun üçün imkan yaradılsın. Lazım gələrsə, güzəştli kreditlərlə təmin olunsunlar. Onlar artıq taxılı, quş üçün yemi xaricdən almasınlar, Azərbaycanın özündə istehsal etsinlər. Beləliklə, qiymət artımına da ehtiyac qalmasın.
Bu gün Azərbaycan artıq Şərq–Qərb yük daşımalarının tam mərkəzindədir. Artıq bununla bağlı biz bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri hörmətli həmkarımız Cavid Qurbanovun da iştirakı ilə böyük toplantının şahidi olduq. Bu da bizə külli miqdarda valyuta gətirəcəkdir. Yəni Azərbaycanın kifayət qədər neftdən asılı olmayan imkanları var və bu imkanlar Azərbaycanı heç şübhəsiz ki, yaranmış vəziyyətdən tamamilə sığortalaya biləcəkdir.
Mənim xüsusi olaraq dayanmaq istədiyim bir məsələ də banklarla bağlıdır. Bu gün təqdim edilmiş olan qanun layihəsi, dediyim kimi, banklara olan inamı artıracaqdır, lakin hər birimizi belə bir sual düşündürür. Azərbaycanda kreditlər niyə manatla deyil, dollar ilə verilir? Axı, burada Qüdrət müəllim də dedi, – bu, Konstitusiyaya da ziddir. Azərbaycanda milli valyuta ola-ola, niyə kreditlər, hətta istehlak kreditləri, 10 minə qədər olan kreditlər dollarla verilir? Həmin istehlak kreditini alan vətəndaşımız onu alır ki, getsin, övladına mebel alsın, toy eləsin, yola salsın. Həmin mebeli dollarla alanda o, cinayət məsuliyyəti daşıyır, daşımır? Daşıyır. Deməli, dollarla o həmin mebeli ala bilməzdi. Onda sual olunur, bəs niyə kredit yenə də dollarla verilir? Bu, qəti şəkildə qadağan olunmalıdır. Qadağan olunmaqla bərabər həm də İnzibati Xətalar və Cinayət Məcəlləsinə də bununla bağlı xüsusi maddə əlavə olunmalıdır ki, hansı bank krediti dollarla verirsə, cinayət məsuliyyətinə cəlb olunsun, bu cür xoşagəlməz vəziyyət sona çatsın. Bu söhbətlər hər zaman gedir. Valyuta ilə 10 minə qədər kredit alanların məsələsi öz həllini tapmalıdır ki, camaat arasında olan bu narahatçılıq aradan qalxsın. Ümidvaram ki, təqdim edilmiş qanun layihəsi Azərbaycanda yaranmış olan bu xoşagəlməz vəziyyətin aradan qaldırılmasına öz müsbət təsirini göstərəcəkdir. Digər qanun topluları ilə də bağlı mənim təkliflərim var. Ümidvaram ki, növbəti müzakirədə iştirak edə biləcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Bu suala mən bəlkə Elman müəllim kimi cavab verə bilməyəcəm, amma öz fikrimi deyim. Dollarla nəyə görə kredit verilir? Birinci, dollarla kredit məcburi verilmir. İnsan dollarla kredit götürür ki, mən xaricə gedirəm, xaricdən nə isə alacağam. Bu da var. Dollarla krediti ona görə götürürlər ki, bir çox sahibkarlar xarici ölkələrdə işləyirlər və bu ölkələrə dollarla hesabat verirlər. İstehlak krediti götürən insan, – mebel almaq istəyir, – nəyə görə krediti dollarla götürür?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, bank heç vaxt məcbur eləməz ki, dollarla götür. Bu bir az düzgün söhbət deyil. Yəni bir ağlayanda, banklara da ağlayaq da... Yəni heç kim heç kimi məcbur etmir ki, krediti dollarla götür. Amma buna bir forma, bir əncam çəkmək, bir şey fikirləşmək olar.
Ay hörmətli millət vəkilləri, bir daha xahiş edirəm, tənəffüssüz işləyəcəyik, hələ 23 nəfər var. Xahiş edirəm, konkret qanun layihəsinə münasibət bildirin. Bəyənirsiniz, qəbul edib səs verəcəksiniz, o haqda danışın. Biz Milli Məclisin növbədənkənar iclasını ümumi iclasa çevirmişik. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Bu parlament iclası ölkə başçısının iradəsi ilə çağırılıbdır. Mən bunu hər kəsə xatırlatmaq istəyirəm və düşünürəm ki, cənab Prezidentin son 10 gündə iki dəfə hökumətin həm bütövlükdə tərkibi ilə, həm də iqtisadi bloku ilə birgə müzakirələr açması, o cümlədən bir sıra iqtisadi qanunvericilik aktlarının, maliyyə sənədlərinin dəyişdirilməsini istəməsi o anlama gəlir ki, ölkə başçısı həm ali icra orqanlarının, həm hökumət strukturlarının, həm də parlamentin fəal bir şəkildə işləməsini istəyir. Hörmətli dostlar, bu, sadəcə, qanun yaratmaq prosesi deyil. Eyni zamanda, bu prosesdə fəal şəkildə iştirak eləməkdir, insanların qarşısında olmaqdır, təbliğat prosesində tribunada olmaqdır və sair.
Cənab Sədr, mən Sizə çox təşəkkür edirəm. Sizin, sözün yaxşı mənasında, ürəyiniz yanır, istəyirsiniz ki, bu məsələlər cəmiyyətə daha geniş çıxsın. Çox ümidvaram ki, bu, parlament iclasının kiçik bir xronikası deyil, bəlkə hər bir çıxış bütövlükdə cəmiyyətə veriləcəkdir. İnsanları klassik parlamentarizm dövründən onun təmsilçilərinin nə dediyi, necə düşündüyü çox maraqlandırır. Mən istəyirəm ki, bunun çox önəmli olduğunu biləsiniz. Cəmiyyətdə olan hansısa ictimai dalğalar, ictimai fikirlər, narahatlıqlar məhz təmsilçilik institutunun vasitəçiliyi ilə tənzimlənir. Bu siyasi elastiklik, təhlükəsizlik yastığı məhz parlamentin buradakı fəal mövqeyidir. Cənab Prezident sonuncu müşavirə ilə bir daha sübut elədi ki, təkcə ölkədəki təhlükəsizliyin, vətəndaş birliyinin deyil, eyni zamanda, iqtisadi sabitliyin də təminatçısıdır, qarantıdır.
Cənab Sədr, qanunvericilik aktları ilə bağlı çox qısa şəkildə bir neçə tezisi söyləmək istəyirəm. Əmanətlərin sığortalanması, əlli minə qədər xaricə çıxarılan dolların üzərindən 20 faiz ödənişin alınması, əmanətlərin faiz hissəsindən əldə olunan gəlirlərə görə gəlir vergisinin tutulmasının aradan qaldırılması, satınalmaların tənzimlənməsi, eyni zamanda, digər məsələlər də maliyyə və iqtisadi sistemdə çox mühüm sabitliyə səbəb olacaqdır. Mən, əlbəttə, düşünürəm ki, biz ötən dövrdə Azərbaycan vətəndaşları olaraq bir ənənənin şahidiyik. Səngərdə dayanan Azərbaycan əsgəri düşmənlə üz-üzədir. Oradan atılan atəş Azərbaycanın sabitliyinə təsir göstərə bilmir. Dini ekstremizm problemlər yaratmır, ölkəyə xarici təzyiqlər xüsusi bir səmərə vermir. Amma manat sübut elədi ki, onun sabitliyi ölkənin iqtisadi həyatı üçün nə qədər mühüm məsələdir. Manat sinir sistemimizdir, manat qan təzyiqi şkalamızdır, manat həyatımızdır və sair. Sübut olundu ki, manat, sadəcə, milli valyuta simvolu deyil. Ona görə də hər kəs bilməlidir ki, manatla bağlı tədbirlər bütövlükdə ölkənin həyatı, təhlükəsizliyi ilə bağlıdır.
Hörmətli hökumət üzvlərinin burada iştirakından istifadə eləyib, hamı belə bir çağırışda bulundu ki, nə üçün hökumət üzvləri ekranda fəal deyillər. Təbii ki, hörmətli Samir müəllim də, Elman müəllim də, Şahin müəllim də öz sahələri üzrə kifayət qədər bilikli insanlardır. Onlara böyük bir güvənc var və iqtisadi blokun komanda üzvlərinin öz sahələrində yetkili olduqları hesab edilir. Belə bir mövqe möhkəmlənib. Amma onların telefonla danışıqlarını, yəni danışıb qurtarandan sonra fəal bir şəkildə cəmiyyətə çıxarmaq lazımdır. Bizim çoxumuz buradan Rusiyanı kəskin tənqid edirik. Rusiyanın həyatında hansı proseslər gedir-getsin, Ulyukayev, Siluanov, Kudrin, Qref və başqaları daim ekrandadırlar.
Biz bayaq dedik, bəlkə də millətlərin mentallığı üçün bir proses var. Yəni manat sabit olanda biz mental olaraq sabit oluruq. Üzən kurs bəlkə də bizdə mental olaraq işləmir. İqtisadi qanunauyğunluğa görə başa düşürük ki, bu, üzməlidir, bu tənzimlənməsə, sabit qala bilməz. Burada da kəskin devalvasiya ciddi problemlər yaradır. Amma düşünürəm ki, hökumətin rahat şəkildə insanların qarşısına çıxması çox önəmlidir. Ulu öndər 1993-cü ildə hakimiyyətə gələrkən onun tənzimləmə addımlarından burada misallar gətirildi. Doğrudan da, çox uğurlu bir paralel idi. Ulu öndər hakimiyyətə gələrkən liberallaşmağa keçid etdi. Ekranı, təbliğatı mühüm bir alətə çevirdi, eyni zamanda, islahatları da kifayət qədər sürətləndirdi, yeni dövlət strukturlarını formalaşdırdı.
Mənim indi deyəcəyim bir neçə məsələ neftlə bağlıdır. Azərbaycan neftdən maksimum dərəcədə uğurla istifadə etməyə çalışdı. Müharibənin vurduğu yaraları aradan qaldırmaq üçün neftdən başqa mənbəyimiz də yox idi. Gəlin, bunu açıq deyək. 100 minlərlə köçkünün yerləşdirilməsi, şəhid ailələri, infrastrukturun bərpası, dağılmış sovet iqtisadiyyatının bərpası, bunlar çox önəmli idi. Ancaq bizim Rusiyadan iki mühüm fərqimiz var. Rusiya sanksiyalar altındadır. Azərbaycanın isə Qərblə heç bir xüsus sanksiya problemi yoxdur. Sonra, bu gün hamı İrana böyük bir məkan kimi, təkcə neft ölkəsi kimi deyil, coğrafiyasına görə də bir resurs mənbəyi kimi üz tutur. Azərbaycanın orada milyonlarla insanı var və biz İranla normal əlaqələrimiz bundan sonrakı dövrdə də qoruyub saxlaya bilərik.
Amma Bakı 100 illərdir, neft Bakısı adlandırılır. Ölkənin ucqarlarından olan insanlar da 100 illərlə burada məskunlaşıb. Bizim hamımız neft erasının balalarıyıq. Hamımızın təfəkküründə neft oturub, bizim “İPhone”muz da, “Mersedes”imiz də, həyat tərzimiz də, toyumuz da, yas ənənələrimiz də neftə bağlanıb. Biz özümüz hökumətdən ciddi şəkildə qənaət rejimi tələb edirik. Amma buna hazırıqmı?
İkinci bir məsələ də var. Bir çox insan gəlib burada kirayədə yaşamağa hazırdır. Hörmətli Aqil müəllim bir söz dedi, üzərinə yeridilər. O, məhsulun adını deməyə bilərdi, amma Aqil müəllimin çağırışı kəndə qayıdış proqramı idi. Biz bu böyük köçə hazırıqmı? 100 minlərlə insan gəlib Bakıda məskunlaşır, kirayə pulunu zorla tapıb verir. Amma ekoloji təmiz torpaqda əkinlə, biçinlə məşğul olmaq istəmir. Hökumət, – mən indi bu qərarla demirəm, – növbəti iqtisadi sabitləşmə proqramı ilə mütləq kəndə köçü təşkil etməlidir. Onsuz da bu təsir göstərəcək. Bizim kəndlərimiz boşalır, əziz dostlar. Biz bayaqdan kənd təsərrüfatı ilə bağlı çox mühüm təkliflər irəli sürürük. Amma dünyada məşhur bir termin var. Bizdə ancaq o mədəniyyətin bir sözü işlənir. Əmək mədəniyyəti, aqrar mədəniyyət, təsərrüfat mədəniyyəti. Bizim məşhur filmimizdəki kimi, çomağı çobandan götürəcək növbəti oğul yoxdur. O oğul Bakıya gəlmək istəyir. Çox təbiidir, çünki burada neft var idi. Neft-qaz çıxartma sektorunda işləmək istəyirdi.
Bizim indi buradan çıxartdığımız nəticə odur ki, neftdən kənar iqtisadiyyat qurmaq istəyiriksə, bu, 4 dənədir. Biri kənd təsərrüfatıdır, ikincisi bu ölkənin coğrafiyasından qazanmağı bacarmaqdır, daşınmalar sistemini qaydaya salmaqdır, üçüncüsü, bizə yaxşı texnoloqlar lazımdır, dördüncüsü, bizə yaxşı menecmentlər lazımdır. Hörmətli cənab Sədr, məmurların sayı ilə bağlı demək istəyirəm. Biz neft dövrünün hökumətinə malikik. Bəli, bizdə çoxlu strukturlar yaradılıb. Məsələn, bizdə neçə yanacaq növü var? Sadəcə, neft və neft məhsullarıdır. Azərbaycan Respublikası Energetika Nazirliyini nə əsasla yaratmışıq? Dövlət Neft Şirkəti var da. Hörmətli Natiq müəllim çox dəyərli bir insandır. Yəni ulu öndərin vaxtında neft prosesləri ilə əlaqədar gedən danışıqlarda, müqavilələrin bağlanmasında iştirak edən bir adamdır. Elə bil bir adama görə nazirlik yaratmışıq. Onlarla belə struktur saya bilərəm, yəni neft dövrünün məmur sayıdır. Dünyada əhalinin 100 min nəfərinə düşən məmur sayı var. Bu kvotadır, bu yenə də v=s/t düsturu kimi bizdən əvvəl kəşf olunub qurtarıb. Məmurların sayı azalanda iş yerlərinin sayı artır. Bu düsturu bizdən əvvəl kəşf edib qurtarıblar. Özəlləşdirmə məsələsi də var, hörmətli cənab Sədr. Sanitar-epidemioloji stansiyadan tutmuş tibb məntəqəsinə, uşaq bağçasına qədər. Ötən dəfə mən dövlət bunları tikməz söyləmişdim. Özəlləşdirmə həm də o sahələrlə rəqabət deməkdir. Amma dövlət vəsaiti ora niyə verilsin ki? Dövlət öz vəsaitini ayrı yerə verəcək də. “AZAL”, “Azərenerji”, “Azərişıq” da var. Dövlət bunları niyə saxlayır ki? Külli miqdarda, 100 minlərlə vəsait xərclənir.
Deməli, cəmi bir dəqiqəm qalıbdır. Kənd təsərrüfatına qoyulan 1 dollar vəsait 4 dollar gəlir yaradır. Biz istəyiriksə ki, kənd təsərrüfatı büdcədə çəkili bir faizə gəlsin, onu artırmalıyıq. Ordu, polis, məktəblər, xəstəxanalar, hamısı üçün müxtəlif qida məhsulları alınır. Cənab Sədr, məhsullar Azərbaycan fermerindən alınsa, Meksikadan buraya ət gətirməyə ehtiyac olmayacaq. Dövlət taxıl əkməyə subsidiya verir. 50 manat əkəndə, 50 manat biçəndə. Kəndli onda maraqlı deyil. Heç kim onun çəkisini soruşmur. Hörmətli Şahin müəllim, 5 sentner dərən də, 50 sentner yığan da 50 manat alır. Nəticə əhəmiyyətli deyil. Bu kursu dəyişmək lazımdır. Aran zonası süni suvarma zonasıdır, orada taxıl deyil, pambıq əkməliyik. Nə isə, çox sağ olun, səs verəcəyəm.
Sədrlik edən. Görürəm, sənin artıq gələcək yerin yavaş-yavaş görünür. (Alqışlar.) Hörmətli həmkarlar, əgər təkid edən yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən ona görə sual verdim. İndi mən xahiş edirəm, Şahin müəllim, Elman müəllim iki kəlmə ilə suallara cavab versinlər, sonra səsverməyə keçək. Elman Rüstəmov.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, təbii ki, bizim millət vəkillərinin söylədikləri fikirləri, təkliflər çox diqqətlə dinlədik. Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, bu gün cənab Prezident tərəfindən irəli sürülmüş yeni iqtisadi strategiyanın, yeni iqtisadi siyasət kursunun ətrafında tam bir konsensus var. Bu gün ölkədəki iqtisadi vəziyyət və inkişaf, makroiqtisadi sabitlik məsələləri tam şəkildə cənab Prezidentin diqqət mərkəzindədir. Mən deyərdim ki, bəlkə də onun iş büdcəsinin, vaxt büdcəsinin çox əhəmiyyətli hissəsi məhz bu məsələlərə həsr olunub. Cənab Prezident özünün iqtisadi komandası ilə demək olar ki, gündəlik təmasdadır və bu məsələlər hər gün müzakirə olunur. İslahatların istiqamətləri, sabitləşdirmənin istiqamətlər bilavasitə onun rəhbərliyi altında həyata keçirilir. Bütövlükdə yeni strategiya haqqında bir neçə kəlmə demək istəyirəm. Artıq bir sıra millət vəkilləri də bunu qeyd etdilər. Bu doğrudur ki, ilk növbədə yaranmış vəziyyət, ölkədə tam makroiqtisadi sabitliyin təmin olunması məsələsi gündəlikdədir. Yadınızdadırsa, ulu öndərin dövründə, 1990-cı illərdə Azərbaycan düşdüyü o kəskin, hərbi-siyasi, sosial-iqtisadi böhrandan çıxa bildi. Təbii ki, bu situasiyalar çox müxtəlifdir. Hesab olunur ki, metodoloji baxımdan hər bir ölkədə makroiqtisadi sabitlik bütövlükdə onun siyasi sabitliyinin, gələcəyinin müəyyən olunmasının başlıca istiqamətidir.
Digər mühüm istiqamət olaraq hər bir ölkədə dövri olaraq struktur islahatlarının yeni nəsil çağırışı ortalığa çıxır. Mənə cənab Prezidentlə birlikdə G20-liyin toplantısında iştirak etmək şərəfi nəsib oldu və mən orada bir çox dövlət başçılarının iqtisadi konsepsiyaları ilə tanış oldum. Mən təəccübləndirmək çox çətindir, amma təəccübləndim. Hər bir ölkənin gündəliyi demək olar ki, üst-üstə düşürdü. Bütün ölkələr dünyada baş verən qlobal hadisələr kontekstində qayğılı idilər. Amerika Birləşmiş Ştatlarından tutmuş Sinqapura qədər hamının yaranmış yeni situasiyada makroiqtisadi sabitliyi necə təmin etmək düşündürür. Çünki bilirsiniz, bütövlükdə bütün coğrafiyada, həm Avropada, həm Amerikada, xüsusilə də son dövrlərdə Asiyada iqtisadi artım, iqtisadi sabitlik, məzənnə və sair problemlər çox kəskin olaraq gündəmdədir. Biz neft ixracatçısıydıq, hətta neft istehlakçıları olan ölkələrdə də ciddi problemlər var. Qlobal problem təkcə resurs problemi, neft problemi deyil.
Bugün Azərbaycanda da struktur islahatlarının yeni nəslinə tələb yaranmışdır. Bu, gündəlikdədir və cənab Prezident öz çıxışlarında, həm Nazirlər Kabinetinin illik toplantısındakı çıxışında, həm də dünənki çıxışında yeni nəsil struktur islahatları məsələsini irəli sürdü. Bu struktur islahatlarının əsas məsələsi Azərbaycanda tam liberal bir iqtisadi modelin formalaşdırılması, Azərbaycan xalqının bizə yaxşı məlum olan işgüzarlıq qabiliyyəti, işgüzarlıq potensialının mobilizasiya olunması, iqtisadiyyatın dövlətdə rolunun azaldılması, dövlətin isə daha çox iqtisadi tənzimlənmə rolunun, arbitr rolunun gücləndirilməsi əsasında yeni bir iqtisadi, investisiya mühitinin formalaşdırılması, bu əsasda iş yerlərinin yaradılması və iqtisadi artıma nail olunması konsepsiyasıdır.
Üçüncü məsələ. Təbii ki, hər iki məsələnin həlli köklü dərəcədə idarəetmə islahatlarını, idarəetmənin yeni bir modelinin ortaya qoyulmasını tələb edir. Bu idarəetmə modeli sadə olmalıdır, yaxşı koordinasiya olunmalıdır və bu məsələlər də addım-addım həll olunur. Hər 3 istiqamətdə addımlar atılır, yəni artıq bu gün bu strategiya konseptualdır, hər bir istiqamətdə cənab Prezident tərəfindən köklü addımlar atılır, tapşırıqlar verilir, islahat paketləri yaradılır. Dünən toplantıda, onun ola bilsin ki, qapalı hissəsində bizə tapşırıldı ki, beynəlxalq maliyyə-kredit təşkilatları ilə ciddi əlaqələr qurulsun, onlarla yeni proqramlar işlənilsin. Digər məsələlər haqqında da bizə ciddi tapşırıqlar verildi.
Mən sualları ümumiləşdirirəm. İlk növbədə makroiqtisadi sabitlik, manatın məzənnəsi ilə bağlı deyim ki, bu gün cəmiyyəti ən çox düşündürən məsələ təbii ki, budur. Mən o fikirlə razıyam ki, manat təkcə valyuta deyil, yəni mənəvi baxımdan, vətənpərvərlik baxımından o, həm də dövlətin simvoludur. Digər tərəfdən isə çox ümumiləşdirilmiş bir iqtisadi məfhumdur. Mən deyərdim ki, belə bir ifadə var, toplanmış obraz. Bu gün məhz Azərbaycan iqtisadiyyatını ifadə edə bilən bir göstərici varsa, o da milli valyutadır, onun məzənnəsidir, ona olan etibardır. Yəni bu, geniş baxışdır. Dünən cənab Prezidentin çox dərin, məntiqi təhlilini hamınız gördünüz. O məntiq dəmir həlqələrdən ibarətdir. Dünyada baş verən proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi. 2015-ci ilin yekunlarına görə ölkənin ödəmə balansı, – komitə iclasında da dedim, – 17 milyard tsiklində olan Amerika Birləşmiş Ştatları dollarından bu gün 400 milyon, 500 milyon səviyyəsinə düşüb. Neftin qiymətinin 30 dollar şəraitində təxminən biz minus zonaya giririk. Yəni gəlir yoxdur, aşağı düşürük. Yəni xərclərimizlə gəlirlərimizi ödəmirik. Belə bir situasiyaya siyasi reaksiya olaraq təbii ki, ilk növbədə atılan addım kimi büdcənin yığcamlaşdırılması, konsalidasiyası prosesləri getdi. Heç kim də bilmir ki, bu neftin qiymətinin sonu nə olacaq, heç kim proqnoz verə bilmir.
Biz bu gün hansı ehtiyatlara malikik? Bəli, bu gün bizim 40 milyard dollara yaxın vəsaitimiz var. Bu, Azərbaycanın milli, daxili məhsulundan çoxdur. Bu gün hətta neft ixracatçıları arasında belə bir nisbəti olan ölkə tapmaq çətindir. Bu çox böyük bir sabitlik komfortudur. Amma bu proses neçə ilə dayanacaq? Bizə nə qədər vaxt lazımdır? İqtisadiyyatımızı şaxələndirməyə, onu yeni bir dayanıqlı əsasa keçirməyə manevr etmək üçün, hesab edirəm, bu vəsait əhəmiyyətli dərəcədə kifayətdir. Amma vaxt məsələsi var, nə qədər vaxt lazımdır? Ona görə də biz strateji ehtiyatlarımızla çox ehtiyatlı davranmalıyıq. Bunu bizə cənab Prezident öyrədir. Belə şəraitdə çox yüksək bir inkişaf səviyyəsinə malik olduq. Hərdən biz qonşu dövlətlərlə müqayisə edirlər. Bu gün Azərbaycan iqtisadiyyatının həcmi Ermənistan və Gürcüstanın toplam iqtisadi həcmindən dəfələrlə çoxdur. Əgər mən səhv etmirəmsə, təxminən regionun potensialının üçdə ikisi bizdədir. Biz başqa bir iqtisadiyyata malikik. Mən birinci böhranı, 1990-cı illərin böhranını, 1998-cı ilin Asiya böhranını xatırlayıram. İqtisadiyyatın masştabı başqa idi. Bizim resurslarımız da az idi. İqtisadiyyat bu həcmdə, bu mürəkkəblikdə deyildi. Baş verən böhran da bu təsirdə deyildi. Ona görə də biz təbii ki, fevral ayında manatın məzənnəsini, təxminən 1996-cı ildən davam edən sabitlik status-kvonu pozmağa məcbur olduq. Bu qərarı qəbul edəndə ölkənin idxalının həcmi 10 milyard Amerika Birləşmiş Ştatları dolları idi. Yaranan neft qiymətləri, belə bir idxalla Azərbaycanı maliyyələşdirmək üçün biz nə etməliyik? Mən dedim, tutaq ki, bizim 40 milyard dollarımız var. Bunu xərcləyib oturmalıyıq, sonra gedib borca düşməliyik? Biz borca girmiş başqa dövlətlərin bu gün aqibətlərini görürük. Onlarla necə danışırlar, hansı dildə danışırlar, onu da görürük. Onlar dövlət müstəqilliklərini kifayət qədər qoruya bilirlərmi? Qoruya bilmirlər. Bütövlükdə iqtisadiyyat 50 dollar səviyyəsində stabilləşməyə başladı. Hətta 3 ay ərzində bazarda manatın məzənnəsi də sabitləşdi. Mərkəzi Bank 3 ay bazardan valyuta aldı. Lakin keçən ilin iyun ayından başlayaraq neftin qiymətinin əlavə olaraq təxminən 2 dəfəyə yaxın qiymətdən düşməsi situasiyanı təzədən kəskinləşdirdi. Deyirlər ki, vaxt itirdik, vaxt itirmədik, kənardan elə görünür. Biz iqtisadi situasiyaya uyğunlaşırdıq, iqtisadiyyatımızı həmin 50–55 dollar ətrafında müəyyənləşdirmişdik. Bilirsiniz ki, büdcə də həmin qiymətlərlə tərtib olundu və hətta ilin sonunda bu qiymətlərlə parlamentə təqdim olundu. Lakin biz gördük ki, xeyr, bu qiymət ətrafında iqtisadiyyatı stabilləşdirmək, manatın kursunu stabilləşdirmək mümkün deyil. Ona görə də beynəlxalq təcrübəyə uyğun olaraq, dekabr ayında manatın üzən məzənnəsinə keçməyə məcbur qaldıq.
Bu gün başlıca vəzifəmiz makroiqtisadi sabitlik baxımından, manatın məzənnəsinin sabitləşdirilməsi baxımından bütün iqtisadi sistemi neftin 25–30 dollar olması ətrafında, daha çox proqnozlaşdırılan bu qiymət ətrafında qurmaqdır. Biz professional dildə buna sərt eniş deyirik. Təbii ki, bu, sərt enişdir. Manatın məzənnəsinin belə korreksiyası sərt enişdir. Bu gün təbii ki, bu, həm maliyyə-bank sektoru üçün, bütövlükdə əhalimiz üçün, biznes üçün, dövlətin özü üçün də komfortlu bir şey deyil. Bu, sərt enişdir. Bunun sərt eniş olduğunu mən bilirəm. Bir dəfə mən bunu təcrübədə yoxlamışam, məndə olubdur. Artıq bu proses gedir və biz toparlanırıq. Cənab Prezidentin siyasəti, verdiyi göstərişlər ondan ibarətdir ki, bizim iqtisadiyyatımız neftin qiymətinə uyğunlaşmalıdır. Bu gün neftin qiyməti 148 dollar deyil, yəqin ki, 28 dollardır, məndə son məlumat yoxdur, yəqin ki, artıq 27-dir. Düşür və stabilləşməni məhz bunun əsasında aparmalıyıq. Bizim kifayət qədər resursumuz var. Dünən cənab Prezident bu istiqamətdə, bu resurslardan necə çevik istifadə etmək haqqında əlavə göstərişlər verdi. O cümlədən də Neft Fondunun, – ilk dəfə deyirəm bunu, – vəsaitlərindən çevik istifadə etməklə manatın məzənnəsini sabitləşdirmək deməzdim, onu idarə olunan bir səviyyəyə gətirmək lazımdır. Çünki onun sabitləşdirilməsi, – cənab Prezident dünən yenə də birmənalı şəkildə dedi, – manatın kursu bu gün əhəmiyyətli dərəcədə xarici amillərdən asılıdır. Biz izləyirik, ilin əvvəlindən həm rus rublu, həm də tenge Azərbaycan manatından bir neçə dəfə çox dəyişibdir. Neftin qiymətinin daha aşağı düşməsi qonşularda, ticarət tərəfdaşlarımızda devalvasiya bizi məcbur edir ki, bunu nəzərə alaq. Bu, iqtisad və məsuliyyətli siyasətdir. Biz bunu üzərimizə götürmüşük, bunun məsuliyyətini cəmiyyət qarşısında da, xalq qarşısında da, dövlət qarşısında da çox ciddi dərk edirik. Bu problemlərə reaksiya verməmək, sadəcə olaraq, gizlənmək mümkün deyil. Bu gün gizlənərsən, sabah o daha sərt şəkildə sənin qarşına çıxar. Bu gün Mərkəzi Bank vəziyyəti stabilləşdirmək üçün çox ciddi addımlar atır. Biz valyuta intervensiyalarını artırdıq.
Müəyyən bir dövrdə banklardan kənar olan mübadilə məntəqələri belə bir ajiotaj yaratmışdı. Nəticədə 200-dən yuxarı mübadilə məntəqəsi ləğv olundu. Bu gün əməliyyatların hamısı, o cümlədən valyuta dəyişmə əməliyyatları bank daxilində aparılır. Biz bazara kifayət qədər valyuta veririk. Dünən hətta bazara verdiyimiz valyutanın hamısı satılmadı. Auksion vasitəsilə, elektron auksion vasitəsilə, tam şəffaf mexanizm vasitəsilə, bütün bankların iştirakı ilə ayrılan valyuta vəsaiti iqtisadiyyata ötürülür. Kifayət qədər valyuta var, biz bunu edəcəyik, iqtisadiyyatın valyuta likvidliyini təmin edəcəyik, tələbatı ödəyəcəyik. Vətəndaşlarımızı da sakitliyə çağırıram. Bütövlükdə fevral devalvasiyasında müəyyən möhtəkir qruplar tərəfindən yaradılmış ajiotaj devalvasiya məntiqinə çox cidd təsir göstərdi. Bu gün ciddi təlaş üçün heç bir əsas yoxdur. Bir çox elektron saytlarda düzgün olmayan çağırışlar səsləndi, şaiyələr yayıldı ki, manatın kursu yenə dəyişəcək, birə iki olacaq, birə beş olacaq. Məndən də soruşurlar, bunun heç bir əsası yoxdur.
Bu gün bir daha deyirəm, bütövlükdə başlıca məsələ neftin 25–30 dollar ətrafında sabitləşdirilməsi məsələsidir və iqtisadi komandada bununla bağlı çox ciddi iş gedir. İqtisadi siyasətin bütün istiqamətləri, vergi, büdcə, struktur, gömrük siyasəti bu məsələyə konsolidasiya olunmuş şəkildə xidmət etməlidir. Düşünək ki, bu, bütövlükdə iqtisadiyyatın toplanmış obrazıdır. Bütün iqtisadi siyasət istiqamətləri məhz bu məsələdə cənab Prezident dediyi kimi, sabitləşməyə xidmət etməlidir. İqtisadi siyasətin birinci fazası sabitləşməkdir və sabitləşmək üzərində yeni iqtisadi siyasətin formalaşdırılmasıdır. Bu proseslərdən ən çox təsirlənən sistemlərdən biri bank sektorudur. 2015-ci ilin əvvəlində ilk devalvasiyaya qədər Azərbaycanda dinamik inkişaf edən ən sabit sistemlərdən biri bank sektoru idi. Azərbaycanda 8 faizlik kapital tələbinə rəğmən bank sektorunun kapitallaşma səviyyəsi 18 faiz idi, yəni 2 dəfədən çox idi. Problemli kreditlərin həcmi 5 faizdən çox deyildi. Bank sektoru illər üzrə iqtisadi inkişafdan da yüksək sürətlə artan bir sektor idi. Bizim hesablamalarımıza görə son 10–12 illik inkişaf dövründə bank sektoru iqtisadiyyata toplam 80 milyard manat kredit veribdir, yəni dövlət xətti ilə, büdcə vasitəsilə verilən vəsaitlə müqayisə oluna biləcək həcmdə iqtisadiyyatı kreditləşdiribdir və bugünkü iqtisadi inkişaf səviyyəsində bank strukturu əhəmiyyətl bir rol oynayır. Həssaslıq məqamı olduğuna görə, bir daha deyirəm, əhali ilə bir yerdə işləyən sistem kimi həm əmanətlər baxımından, həm də digər kreditlər baxımından, – mən valyuta kreditlərinə qayıdacağam, – təbii ki, ən çox təsirlənən sistemlərdən biri də o olubdur. Lakin bütün bunlara baxmayaraq, bu gün bank sektoru yenə də kifayət qədər sabitdir. Adı çəkilən bir neçə bank kənara qoyulmaqla, bank sektorunun nüvəsi çox sabitdir. Beynəlxalq bankın restriksiyası haqqında dövlət tərəfindən qərar qəbul olundu və o, addım-addım, mərhələ-mərhələ həyata keçirilir. Bu gün cənab Prezident tərəfindən sizin diqqətinizə təklif olunan qanunlar paketi bütövlükdə bank sektorunun əmanət hissəsində vəziyyəti daha da sabitləşdirmək, əhalinin əmanətlərini qorumaq, əhalinin, – Oqtay müəllim qeyd etdiyi səviyyədə, – gəlirlərinin təminatçısı olmaq istiqamətində həm sosial, həm də iqtisadi baxımdan çox mühüm və unikal bir tədbirdir. Artıq bu qeyd olundu, bizimlə eyni inkişaf səviyyəsində olan heç bir dövlətdə belə bir addım atılmayıb, dövlət belə bir məsuliyyəti öz üzərinə götürməyib. Amma cənab Prezidentin başçılıq etdiyi Azərbaycan dövləti bu məsuliyyəti öz üzərinə götürüb. O ki qaldı valyuta kreditlərinə, kiçik kreditlərə, yenə də hörmətli Oqtay müəllimin dediklərinə qayıtmaq istəyirəm, bu məsələyə addım-addım baxılır. Bu gün hökumətin artıq çox ciddi bir iş gündəliyi, islahat gündəliyi var. Bu məsələlərə addım-addım baxılır. Yəqin ki, bu məsələyə qayıdılacaq və müzakirə olunacaqdır, ictimaiyyət də məlumatlandırılacaqdır. Hər şeyin vaxtı var.
Bütövlükdə mən, hörmətli millət vəkilləri, Milli Məclisin rəhbərliyinə açıq, konstruktiv müzakirəyə görə öz təşəkkürümü bildirmək istəyirəm. Bu qanunların qəbul olunmasının lehinə çıxış edənlər öz müsbət rəylərini bildirdilər. Azərbaycan bir neçə böhrandan çox müvəffəqiyyətlə keçib. Azərbaycanın yaxşı mənada böhranı idarəetmə təcrübəsi var, mütəxəssisləri var. Bu gün məsələnin masştabının, dərinliyinin, idarə olunmalı amillərin böyük əksəriyyətinin Azərbaycanın daxilində deyil, xaricində formalaşması məlum çətinliklər yaradır. Lakin biz əminik ki, cənab Prezidentin başçılığı altında bizim komanda bu dəfə də Azərbaycanı bu proseslərdən daha da güclü çıxaracaqdır. Bu yaxınlarda soruşdular ki, devalvasiyanın xeyri nədir? Dedim ki, gəlin, hələ devalvasiyanın problemlərindən danışaq. Bütövlükdə yaranmış situasiya, yəni neft ətrafında yaranmış situasiya Azərbaycanı keyfiyyətcə yeni bir inkişaf mərhələsinə çıxarmaq üçün çox ciddi bir çağırışdır. Bu çağırış cənab Prezident tərəfindən qəbul olunubdur və bütövlükdə hesab edirik ki, biz bu çağırışın öhdəsindən gələcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Ətraflı çıxışa görə sağ olun. Hörmətli millət vəkilləri, bu paketdə 4 məsələ var idi. Hamısını bir yerdə müzakirə etdik. İndi bir-bir səsə qoyuruq. Əmanətlərin sığortalanması haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İkinci, Əmanətlərin tam sığortalanması haqqında qanun layihəsi. Bunu bir oxunuşda qəbul edirik, ayrıca qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Dördüncü, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 14.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Elman müəllim, Şahin müəllim, çox sağ olun.
Biz növbəti, 5-ci məsələyə keçirik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Əslində, bu 5-ci məsələ əvvəl məruzə olunmuş və qəbul olunmuş qanunlarla bağlıdır. Daha dəqiq desəm, birbaşa “Valyuta tənzimi haqqında” Qanunla bağlıdır. Belə ki, bu qanunun 12-ci maddəsi icbari yığıma həsr olunub və həmin maddədə qeyd olunur ki, icbari yığımla bağlı qaydaların pozulmasına görə məsuliyyət nəzərdə tutulmalıdır. Cənab Prezident, yəni qanunvericilik təşəbbüsü subyekti tərəfindən təqdim olunmuş bu qanun layihəsində belə bir məsuliyyət növü təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə 222.5-ci maddə əlavə olunur. “222.5 Ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilir”. Mən bir şeyi qeyd etmək istəyirəm ki, bizim İnzibati Xətalar Məcəlləsində ilk dəfədir ki, cərimə sanksiyası hansısa başqa dəyər, ölçü vahidi ilə deyil, məhz ödənilməmiş məbləğ kimi göstərilir. Yəni, əslində, vətəndaş onu ödəməli idi. Ödəməyibsə, cəriməsi həmin ödəmədiyi məbləğdir. Məncə, bu çox ədalətli yanaşmadır və hesab edirəm ki, həmkarlarım İnzibati Xətalar Məcəlləsinin bu ruhunun da əvvəl qəbul etdiyimiz qanunlara uyğun olduğunu artıq hiss ediblər. Çox sağ olun.
Sədrlik edən. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbəti 3 məsələ – “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul etdiyimiz qanuna uyğunlaşdırılır. Əgər etiraz yoxdursa, Ziyad müəllim bu 3 qanunu bir yerdə təqdim etsin, ayrı-ayrı səsə qoyarıq.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Dövlət satınalmaları haqqında” Qanunda edilən dəyişikliklərdən ən vacibləri 36.9-cu və 44.2-ci maddələrə edilən dəyişikliklərdir. Bu da bilavasitə cənab Prezidentin yerli iqtisadiyyatın inkişafına göstərdiyi diqqətlə əlaqədardır. Təklif edilir ki, satın alan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq etsin. Komitə iclasında bu bəyənildi. İqtisadiyyat nazir hörmətli Şahin müəllim də bunu ətraflı əsaslandırdı. Millət vəkillərindən xahiş edirəm, bu qanun layihəsinə səs versinlər.
İkinci. “Gömrük tarifi haqqında” Qanunda müəyyən dəyişikliklər təklif edilir. Bu dəyişikliklərdən bir neçəsi texniki xarakter daşıyır. 20-ci maddəni istərdim oxuyum, eyni zamanda, fikirlərimi çatdırım. Təklif olunur ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy meyarlara uyğun olaraq ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiya parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiya parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad edilsin.
Vergi Məcəlləsində də edilən dəyişikliklər həmin istiqamətləri əhatə edir, yəni Vergi Məcəlləsində də bunlar vergidən azad edilirlər. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihələri bir zərfdə gəldiyi üçün müsbət münasibət bildirsinlər.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Bir neçə nəfər yazılıb, qoy münasibət bildirsinlər. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat və media təmsilçiləri! Mən bütün dəyişiklikləri və əlavələri dəstəkləməklə bərabər bu dəyişikliklərlə bağlı fikrimi də söyləyəcəyəm. Amma bir məsələni xüsusi vurğulayaraq fikirlərimə keçmək istəyirəm. Çox təəssüf edirəm ki, Elman müəllim və Şahin müəllim getdi. Bu məsələləri istərdim ki, bütün dövlət qurumları diqqətə alsınlar. Bu gün ən önəmli məsələ budur ki, cənab Prezidentin müşavirədəki çıxışını hamımız diqqətlə izlədik və gördük ki, əslində, çıxış yollarını, yəni bu vəziyyətdən hansı islahatlarla çıxmaq yollarını cənab Prezident göstərdi. Sadəcə, bu irəli sürülən məsələlərin yerinə yetirilməsi lazımdır. Bunun üçün də ictimai-siyasi sabitlik hər şeydən önəmlidir. Məhz bu səbəbdən də mətbuat və media qurumlarımız, müvafiq qurumların rəhbərləri bu istiqamətdə müzakirələr aparmalıdırlar. Göstərməlidirlər ki, bu vəziyyətdən çıxış yolu kimi islahatların yüksək səviyyədə aparıla bilməsi məhz ictimai-siyasi sabitlikdən keçir. Əgər bu olarsa, biz göstərilən çıxış yolları ilə vəziyyətdən çıxa bilərik. Amma burada hər hansı problemlər, pozuntular, əslində, vəziyyətdən çıxış yollarına da çox ciddi zərbə vurar. Ona görə də mən dövlət qurumlarımızı nəyə çağırıram? Cənab Prezident hər bir dövlət qurumu qarşısında vəzifələr qoydu. Cənab Prezident bütün xalqı, bütün insanlarımızı ictimai nəzarətə çağırdı. Bu məsələlərin həyata keçməsində ictimai nəzarət güclənməlidir. Amma bu ictimai nəzarətin mexanizmləri də olmalıdır. Ona görə də bizim hər bir qurumumuzda qaynar xətlər yaradılmalıdır ki, bölgələrdə hansısa süni əngəllər, problemlər, xoş olmayan hallar ortaya çıxdıqda insanlar həmin dəqiqə o qurumlara məlumat verə bilsinlər. O məlumatlar da dərhal qəbul olunsun, yerində araşdırmalar aparılaraq tədbirlər görülsün. Bu çox ciddi məsələdir, çünki ictimai nəzarəti bunsuz həyata keçirmək mümkün deyil. İnsanlar günün bütün dəqiqələrində hara müraciət edəcəklərini bilməlidirlər. Ona görə də bizim müvafiq qurumlarımız daxildə belə bir qrup yaratmalıdırlar.
İkincisi, burada vurğulandı, sabotaj xarakterl məlumatlar yayılır. Biz görürük ki, özəlliklə internetdə, onlayn mediada sanki xaricdən müəyyən qüvvələrin dəstəklədikləri məlumatlar yayılır. Amma bu məlumatlara zamanında cavab vermək mətbuat və media qədər də dövlət qurumlarının işidir. Onlar yayılan sabotaj xarakterli məlumatlara həmin anda cavab verməlidirlər ki, xoşagəlməz məsələlərlə bağlı əhali arasında təşviş yaranmasın.
Burada həmkarım vurğuladı, hərbiçilərin əmək haqlarının azalması ilə bağlı bir gündə bütün mediada o qədər məlumat yayıldı, amma ona reaksiya gec gəldi. Həmin dəqiqə əhali arasında təşvişə səbəb olacaq bu kimi məlumatlara cəld reaksiya verməklə çalışmaq lazımdır ki, bunun qarşısı alınsın. Mən həmkarım Azay müəllimin də fikrini dəstəkləyərək hesab edirəm ki, cənab Prezidentin hər iki müşavirədə ictimai nəzarətlə bağlı özəlliklə dediyi fikirlər də nəzərə alınaraq bu məsələnin qanunvericilik səviyyəsində öz həllini tapması gərəkdir.
Burada tenderlə bağlı dəyişikliklər edirik. Bu çox önəmli məsələdir. Ümumiyyətlə, bütün dəyişikliklər, əsasən də, son 3 dəyişiklik, mən deyərdim ki, yerli istehsalın inkişafı, sahibkarların və yerli istehsalın dəstəklənməsi üçün çox önəmlidir. Banklarla, yerli istehsalla, dəstəklə bağlı bu qanunlara əlavə və düzəlişlərin edilməs inqilabi dəyişikliklərdir və öz təsirini göstərəcək. Amma cənab Prezidentin də vurğuladığı kimi, yerlərdə bütün süni bürokratik əngəllər, maneələr icra qurumları tərəfindən, yerli bələdiyyə qurumları tərəfindən, yerli qurumların təmsilçiləri tərəfindən aradan götürülməlidir. Bu gün hər kəs dəstək olmalıdır. 2 nəfər, 5 nəfər, 10 nəfər iş yeri açırsa, onlara dəstək olaq, çünki bu gün dövlət səviyyəsində həyata keçirilən layihələrdə neftin qiyməti ilə bağlı, təbii ki, dəyişikliklər olacaq. Ona görə də sahibkarlara heç bir şəkildə əngəl yaradılmamalıdır və bölgələrdə ciddi ictimai nəzarətin olması istiqamətində bu mexanizmlərin həyata keçməsi çox önəmlidir.
Mən hesab edirəm ki, yerli istehsal, – burada da vurğulandı, – ən ciddi məsələlərdən biridir, çünki işsizlik ən ciddi məsələlərdən biridir. Bəzi qurumlarda ixtisarlar gedir, insanlar müraciət edirlər. Mən buradan o qurumlara çağırış səsləndirirəm, hamınızdan da bu çağırışı səsləndirməyi xahiş edirəm, işçini ixtisara salanda onu xüsusi araşdırma ilə ixtisara salın. Əgər ailədə, sadəcə, bir adam işləyirsə, onu ixtisara salanda nəzərə alın ki, bu ailə problemlə üzləşə bilər, ona görə də ixtisar məsələsinə fərdi yanaşmaq lazımdır, ailələrin düşə biləcəyi vəziyyət incələnərək addımlar atılması vacibdir. Bir sözlə, bütün bu dəyişiklikləri dəstəkləyirik, çünki bunlar yerli istehsala, yerli sahibkarlığın inkişafına təsir göstərəcək. Tenderlərdəki şəffaflıq, rüşvət hallarının, qeyri-şəffaflığın aradan götürülməsi, tenderlərlə bağlı yerli sahibkarlara dəstək çox önəmlidir. Ona görə biz cənab Prezidentimizin vurğuladığı məsələləri, bu gün burada qeyd edilən dəyişiklikləri də dəstəkləyirik və hamımız kömək eləməliyik ki, qısa zamanda vəziyyətdən çıxış yolu tapılsın. İqtisadi-siyasi sabitliyin qorunması üçün hər zaman insanlarımızla mütəmadi danışmalıyıq. Əgər vəziyyətdən çıxmaq, inkişafa nail olmaq istəyiriksə, bunun yolu sabitlikdən keçir. Bunun üçün də televiziya kanallarına müraciət edirəm, bu sahə ilə bağlı proqramlarımızın sayı artmalıdır ki, insanlarımız hansısa sabotaj xarakterli məlumatlardan həmin dəqiqə təşvişə düşüb bəzən xaricdən istiqamətləndirilən hansısa aksiyalara yol verməsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əslində, bu qanun layihələri bizim təsdiq etdiyimiz qanun layihələrinin tamamlanması deməkdir. Ona görə əgər təkid eləyən yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim təkid edir, buyurun.
F.Ağamalı. Gömrük tarifi haqqında təqdim edilmiş qanun layihəsi, əlbəttə, son dövrdə gömrüklə bağlı aparılmış islahatların məntiqinə söykənir, onun tərkib hissəsidir. Mən təklif edərdim ki, bu güzəştlər həm də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə də tətbiq olunsun. Məncə, bu güzəştlər kənd təsərrüfatı sahəsinin də inkişafını stimullaşdırar. Çox sağ olun.
Sədrlik edən. Aydındır, çox sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, onda 6-cı məsələ səsə qoyulur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, buyurun, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Qəbul olundu, çox sağ olun.
Xahiş edirəm, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbədənkənar sessiyada fəal iştirakınıza görə sizə minnətdarlığımı bildirirəm və növbədənkənar sessiyanı bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himn səslənir.)
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ
19 yanvar 2016-cı il
___________________________________________________________
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, bu gün cəmiyyətimizdə daha çox müzakirə olunan mövzu, əlbəttə ki, devalvasiya, neftin qiymətinin düşməsi, bəzi istehlak məhsullarının qiymətinin bahalaşması və bütün bunlardan irəli gələn sosial məsələlərdir. Təəssüflər olsun ki, bu gün insanlarımız səbirsizlik nümayiş etdirərək, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələrin planlarına alət olurlar, dinləmədən, danışmadan arzuolunmaz hərəkətlərə yol verirlər. Doğrudur, belə bir dövrdə daha böyük məsuliyyət dövlət orqanlarının və məmurların üzərinə düşür. Məhz dövlət məmurları, biz deputatlar, səlahiyyətli şəxslər tez-tez yerlərdə insanlarla görüşməli, onları dinləməli və bacardığımız qədər kömək etməliyik. İmkan verə bilmərik ki, insanlarımız antimilli qüvvələrin siyasi oyunlarının qurbanına çevrilsinlər.
Tariximizdən də görünür ki, Azərbaycan xalqı necə böyük fəlakətlərdən xilas olmuş bir xalqdır. Uzaq keçmişə getmədən, elə 1990-cı ilin 20 yanvarı, 1992–1993-cü illər müharibəsi, Xocalı soyqırımı, 1994–1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlər buna misaldır. Məgər həmin illərdə Azərbaycan xalqı ümumi birlik nümayiş etdirməklə dövlətçiliyimizi qorumadımı, ümummilli liderimiz Heydər Əliyevə dəstək olub inkişaf etmədimi? Son 13 il ərzində Azərbaycan xalqı dünyadakı mənfi ənənələrdən kənarda durdu, sosial-iqtisadi böhranın nə olduğunu bilmədi, hətta 2008-ci ildə başlanan böhranın təsirlərini xalqımız 7 il sonra hiss etdi. Məgər bütün bunlar Prezident İlham Əliyevin xalqın və dövlətçiliyimizin milli maraqları naminə həyata keçirdiyi praqmatik siyasətin nəticələri deyilmi?
Bəs bu gün bizə nə olub? Niyə bir balaca çətinliyə düşən kimi dövlətə qarşı çıxırıq? Bu həmin dövlət, bu həmin hakimiyyətdir ki, son 22 il ərzində xalqımızı sabit firavanlıq və rifah içində yaşadır. Niyə indi unutqanlıq edib kimlərinsə siyasi oyunlarına alət oluruq?
Ayın 10-da Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyevin müvafiq göstərişindən sonra unun, çörəyin, yumurtanın qiyməti düşdü, pensiyaların baza hissəsi, şəhid ailələrinin, məcburi köçkünlərin, 20 yanvar şəhidləri ailələrinin təqaüdləri artırıldı. Bundan sonra əmək haqları artırılacaq, insanların iş problemləri həll ediləcək. Sadəcə olaraq, bir qədər səbr etmək lazımdır. Mən mətbuat nümayəndələrinə müraciət edərək onları bu işdə daha fəal olmağa çağırıram. Əsası olmayan, populizmə hesablanmış informasiyaları yayıb insanlarda təlaş, ajiotaj yaratmaq lazım deyil. Axı mətbuatın da azad, demokratik fəaliyyətinə şəraiti bu dövlət yaradıb. Bugünkü vəziyyətdə mətbuatımızın əsas vəzifəsi sağlam maarifləndirmə işi aparmaqdır. Bir sözlə, hər bir azərbaycanlı yüksək səbr və dözüm nümayiş etdirməli, bu prosesi itkisiz keçməliyik. Diqqətinizə görə təşəkkür edirəm.