28.11.2006 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNIN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  31

Mill Məclisin  iclas  salonu.
28  noyabr  2006-cı  il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Fizuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Aydın Bəşirov, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Marlen Əsgərov, "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti.
Əlixan Məlikov, "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Namiq Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
 Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
15. “Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28  noyabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 92
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin və dövlət büdcəsi zərfinə daxil olan sənədlərin biz artıq 6 iclasda müzakirəsini keçirmişik. Bu müzakirələrdə 124 millət vəkili iştirak edibdir. Sonra biz hökumətə 10 gün vaxt verdik. Hökumət sizin verdiyiniz təklifləri təhlil edərək cənab Prezidentə məruzə eləyib. Cənab Prezident tərəfindən çox təkliflər müsbət qarşılanıb və dəyişikliklər olunub. Təklif edirəm ki, bu gün biz hökumət üzvlərinin və komissiya sədrlərinin bir-bir məsələlər üzrə çıxışlarına, rəylərinə qulaq asaq, sonra səsverməyə keçək.
Bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm. Büdcə zərfinə daxil olan 4-cü məsələ – Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və  dəyişikliklər hələ tam araşdırılmayıb. Hökumət tərəfindən gələn iclasa qədər bu məsələyə bir daha baxılacaq. Xahiş olunur, bunu nəzərə alasınız. Etiraz yoxdur? Onda iclasa başlayaq.
Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Söz verilir Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Milli Məclisin bir neçə iclasında 2007-ci il üzrə dövlət və icmal büdcə layihələrinin geniş müzakirələri zamanı irəli sürülən təkliflərə, verilən tövsiyələrə münasibət bildirmək, habelə hörmətli millət vəkillərinin qaldırdığı çox məsələlərə aydınlıq gətirmək və əlavə məlumat vermək üçün bir daha çıxışıma şərait yaratdığınıza görə, cənab Sədr, Sizə və bütün millət vəkillərinə öz minnətdarlığımı bildirirəm.
Qeyd etmək istəyirəm ki, müzakirələrdə, cənab Sədrin dediyi kimi, 124 millət vəkili çıxış edib. Ümumiyyətlə, mövzu ətrafında 160 çıxış dinlənilib. Mən millət vəkillərinin adlarını çəkmədən onların qaldırdığı məsələlər ətrafında çıxış edəcəyəm. Müzakirələr zamanı qaldırılan məsələlər hökumət tərəfindən təhlil edilərək öyrənilmiş, onlardan bir çoxunun həlli yollarına dair təkliflər hazırlanmış, bu barədə ölkə Prezidenti cənab İlham Əliyevə ətraflı məruzə edilmiş və ondan büdcədə müvafiq dəyişikliklər aparılması barədə tapşırıqlar alınmışdır.
Qaldırılan məsələlərin əksəriyyəti mahiyyətinə görə çox dəyərli olsa da, fiziki həcmi və əhatə dairəsi nöqteyi-nəzərindən onları bir büdcə ili ərzində həll etmək və müvafiq maliyyə təminatını yaratmaq qeyri-realdır. Digər tərəfdən, büdcə xərclərinin hədsiz artması arzuolunmazdır. Neft daxilolmaları və iqtisadiyyatımıza investisiya qoyulması hallarının genişlənməsi büdcə xərclərinin artımı ilə birlikdə əlavə inflyasiya təzyiqləri yaradır ki, bu da ölkənin makroiqtisadi göstəricilərinə təsir göstərə bilər. Ona görə də qaldırılan məsələlərin ən vaciblərinin 2007-ci il dövlət və icma büdcələrinin xərclərinin yuxarı hədlərini dəyişdirmədən dövlət büdcəsi xərclərinin məbləği çərçivəsində düzəlişlər edilməsi hesabına müsbət həll olunması məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə hökumət tərəfindən 2007-ci il dövlət büdcəsinin “Sair xərclər” bölməsində əksini tapan dövlət büdcəsinin ehtiyat fondundan 64,5 milyon vəsait ixtisar olunaraq aşağıda göstəriləcək məsələlərin həlli üçün maddi təminat kimi istifadə ediləcəkdir. Hesab edirik ki, bu ən optimal variantdır.
Hörmətli millət vəkilləri, müzakirələrdə səslənən məsələlərin bir qismi, o cümlədən minimum əmək haqqının ölkədəki orta aylıq əmək haqqına, minimum istehlak səbətinə uyğunlaşdırılması, bir sıra büdcə təşkilatlarında çalışanların əmək haqlarının, pensiya və sosial ödənişlərin, tələbə təqaüdlərinin artırılması, əsasən, sosial yönlü xərcləri ehtiva edir.
Büdcə müzakirələri zamanı dediyim kimi, 2007-ci ilin dövlət büdcəsində sosial yönlü xərclərin çox yüksək səviyyədə artımı nəzərdə tutulur. Bu xərclərin büdcə layihəsində xüsusi çəkisi 37, 9 faizdir. Mütləq ifadədə 2 milyard 163 milyon manat olan sosial xərclər cari illə müqayisədə 691,3 milyon manat və ya 47 faiz artmışdır. Bu artım 2007-ci ildə yuxarıda sadaladığım bir çox problemlərin həllinə, o cümlədən əmək haqlarının, pensiya və sosial müavinətlərin artımı, təqaüdlərin təkmilləşdirilməsi və pensiya islahatlarının davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə imkan verəcəkdir.
Belə ki, 2007-ci ilin dövlət büdcəsində maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üzrə minimum aylıq əmək haqqının artımı üçün 271 milyon manat, dövlət qulluqçularının əmək haqlarının artımı üçün 54 milyon manat, əmək pensiyalarının baza hissəsinin iki mərhələdə artımı üçün 248,6 milyon manat, ünvanlı dövlət sosial yardımının tətbiqi ilə əlaqədar ehtiyac meyarının artımı üçün 78 milyon manat, məcburi köçkünlərə verilən yemək xərcinin orta hesabla 33 faiz artımı üçün 13 milyon manat, sosial müavinətin orta hesabla 35 faiz artırılması üçün 12 milyon manat, əlillərin sanator-kurort müalicəsinə, eşitmə aparatlarının, əlillik arabalarının, protezləşdirmə məmulatlarının alınması üçün 1,8 milyon manat vəsait nəzərdə tutulub.
Pensiya islahatlarının davamı olaraq, 2007-ci ildən pensiyaların Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə, eləcə də Hərbi Qulluqçuların Müdafiə Fondu vasitəsi ilə verilməsi, hərbi qulluqçuların əmək haqlarının məcburi dövlət sosial sığortasına cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsindən 80,6 milyon manat vəsait sərf ediləcək. Ölkə iqtisadiyyatı üzrə ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması, o cümlədən Rusiya və Ukraynada dövlət hesabına təhsil alan aspirantların, tələbə və şagirdlərin aylıq təqaüdlərinin artırılması üçün 1,1 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı millət vəkilləri ünvanlı sosial yardımların azlığı, onların kənd yerlərində əhaliyə verilməməsi, şəhid ailələrinə verilən müavinətlərin artırılaraq bu kateqoriyadan olan milli qəhrəmanların ailələrinə verilən müavinətlərə uyğunlaşdırılması məsələlərini də qaldırmışlar. Hesab edirik ki, yeni universal sistem olan ünvanlı sosial yardım sisteminin cari ildən tətbiq edilməsi Avropa dəyərləri istiqamətində atılmış çox müsbət bir addımdır. Bu tədbirin həyata keçirilməsi zamanı müəyyən problemlərin olacağı istisna deyil. Burada ilk növbədə hökumətin və bilavasitə bu məsələlərə məsul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi diqqəti tələb olunur. Zənnimizcə, bu sistemin tətbiqini ən azı bir il müşahidə etməklə ortaya çıxan problemləri ətraflı öyrənməli və növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı onların aradan qaldırılmasına nail olmalıyıq. Şəhid ailələrinin sosial vəziyyətinin gücləndirilməsi barədə səslənən təkliflərlə bağlı mühüm addım olaraq həmin ailələr üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulur. Bu məqsəd üçün əlavə olaraq 11 milyon manat vəsait sərf olunacaqdır.
Çıxışımın əvvəlində qeyd etdiyim kimi, büdcə layihələrinin Milli Məclisə təqdim edildiyi vaxtdan keçən dövr ərzində ölkə Prezidenti əhalinin maddi rifahının artırılması istiqamətində sərəncam və fərmanlar imzalamış, ayrı-ayrı məsələlər üzrə hökumətə tapşırıqlar vermişdir. Həmin tapşırıqların icrası olaraq ölkə həyatında xüsusi əməyi olan bir qrup vətəndaşa Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi fərdi təqaüdlərin maliyyələşdirilməsinə, 2006-cı il oktyabrın 2-də Milli Məclisin “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa etdiyi əlavə və dəyişikliklərə uyğun olaraq ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Qubada regional mərkəzlərinin yaradılması, Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin hakimlərinin sayının artırılması və digər tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinə 2 milyon manat vəsait ayrılacaqdır.
Bir çox millət vəkillərinin çıxışlarında elm xərclərinin, ilk növbədə Milli Elmlər Akademiyasında çalışanların əmək haqlarının artırılması təklifi səsləndi. Müzakirələr zamanı Milli Elmlər Akademiyasına vəsaitin, əsasən, konkret layihələrə ayrılması, Akademiyanın maddi-texniki bazasının yaxşılaşdırılması və əmək haqqı artımının aparılacaq islahatlarla uzlaşdırılmasının vacibliyinə dair ümumi rəyə gəlmişik. Bütün bu amillər əsas götürülməklə Milli Elmlər Akademiyasının 2007-ci il üçün xərclərinə əlavə olaraq 5,3 milyon manat artırılması nəzərdə tutulub.
Müzakirələrdə hörmətli millət vəkilləri təhsilə əlavə vəsaitin ayrılması, onun maddi-texniki bazasının yaxşılaşdırılması, məktəblərin tikintisi və yenidən qurulması məsələlərinə toxundular. Etiraf edilməlidir ki, ölkənin təhsil sistemində illər boyu formalaşan problemlərin hamısını bir ildə həll etmək maddi və fiziki imkanlarımız xaricindədir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2007-ci il dövlət büdcəsinin layihəsində təhsilin cari xərcləri 47,4 faiz artımla, yəni 776 milyon manat məbləğində proqnozlaşdırılıb. Əvvəlki illərdən fərqli olaraq təhsil xərclərinin ünvanlılığının təmin edilməsi üçün 16 məqsədli proqram işlənib təsdiq olunmuşdur. 2007-ci il Ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatı proqramının, yəni 2005-2009-cu illəri əhatə eləyən bu proqramın həyata keçirilməsi üçün dövlət büdcəsindən 8,5 milyon manat ayrılmışdır ki, bu da 288 min ədəd şagird partasının, 112 min ədəd müəllim stolunun, 44 min ədəd sinif lövhəsinin alınmasına sərf ediləcəkdir. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları təminatı proqramı üçün 13 milyon manat vəsait nəzərdə tutulur ki, bu da məktəblərin kompüter dərsliyi ilə təmin olunmasına sərf ediləcəkdir. Mən bütün proqramları sadalayıb vaxtınızı almaq istəməzdim.
Eyni zamanda, qeyd etməliyəm ki, respublikada məktəblərin tikintisi və onların yenidən qurulması işləri ildən-ilə sürətləndirilir. Bu məqsədlə dövlət büdcəsinin investisiya xərcləri və digər mənbələr hesabına xeyli vəsait ayrılmışdır. Sirr deyil ki, hökumətlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə çox böyük maliyyə dəstəyi verilir. Son 3 ildə bütün mənbələr hesabına ölkəmizdə 735 yeni məktəb binası inşa edilmiş, 785 məktəb əsaslı təmir olunmuş, 71 məktəb bərpa edilmişdir. Cari ildə 100 mindən çox şagird yeri olan 288 yeni məktəb binası tikilib. 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 132 yeni məktəb tikilmiş, 2006-cı ildə isə 100-dən çox məktəbin tikintisi aparılmışdır. 2007-ci ildə də sahədə işlər daha vüsətlə davam etdiriləcək, 105 min 600 şagird yerli 292 yeni məktəbin inşasına, 100 məktəbin əsaslı təmirinə başlanılacaqdır.
Yuxarıda qeyd etdiklərimlə yanaşı, məktəb təhsili keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi işlərinin davamı olaraq 2007-ci il dövlət büdcəsinin investisiya xərclərinin əlavə artımı hesabına Azərbaycan Müəllimlər İnstitutunun binasının yenidən qurulmasına və maddi-texniki təchizatına 3 milyon manat vəsait yönəldiləcək.
Müzakirələr zamanı bir neçə millət vəkili səhiyyənin maliyyə təminatının artırılması təklifi ilə çıxış etmişdir. Qaldırılan məsələ ilə bağlı bildirirəm ki, səhiyyədə geniş miqyaslı islahat proqramı hazırlanmış və onun icrasına başlanmışdır. Hökumət 2007-ci ilin dövlət büdcəsində səhiyyənin cari xərclərinə 283 milyon manat vəsait nəzərdə tutmuşdur ki, bu da 2006-cı ilə nisbətən 91,2 milyon manat, ya da 47,5 faiz çoxdur. Eyni zamanda, dövlət büdcəsinin investisiya xərclərində səhiyyə sahəsində həyata keçiriləcək müxtəlif tədbir və layihələrə lazımi miqdarda vəsait ayrılmışdır. Bu sıraya Klinik Tibb Mərkəzində təmir-bərpa işlərinin aparılması və inventar alınması, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya İnstitutunun yenidən qurulması, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının əsaslı təmiri və avadanlıqla təchiz olunması, bir sıra rayon və şəhərlərdə, o cümlədən Zaqatalada, Daşkəsəndə, Salyanda, Əli Bayramlıda, Şamaxıda, Yevlaxda, Xanlarda və Biləsuvarda xəstəxanaların və digər tibb ocaqlarının əsaslı təmiri, Topçubaşov adına Klinik Təbabət İnstitutunun, Milli Onkologiya Mərkəzinin əsaslı təmiri və avadanlıq alınması və sair layihələr daxildir. 2007-ci ildə səhiyyə xərclərinin 9 məqsədli dövlət proqramına uyğun maliyyələşdirilməsi, səhiyyənin Semaşko sistemi ilə maliyyələşdirilməsi, köhnə sistemin tibbi sığorta elementlərini özündə birləşdirən yeni sistemlə əvəz edilməsi qarşıda duran vəzifələrdəndir. Bu işlərin 2007-ci ildə başlanaraq 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. Fikrimizcə, səhiyyə sistemində nəzərəçarpan müsbət dəyişikliklər təkcə bu sahəyə vəsaitin ayrılması, səhiyyə müəssisələrində irihəcmli təmir və yenidənqurma işlərinin aparılması hesabına deyil, mütləq köklü islahatların həyata keçirilməsi nəticəsində təmin oluna bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu sahəyə ayrılan vəsaitin artırılması ilə yanaşı, 2007-ci ildə çox ciddi islahatın başlanması nəzərdə tutulur.
Bir çox millət vəkili mədəniyyət sahəsinə ayrılan vəsaitin azlığını nəzərə çatdıraraq, bu sahəyə diqqətin daha da artırılmasını vacib hesab etmişdir. Qeyd etmək istəyirəm ki, yeni mədəniyyət ocaqlarının tikintisi, tarixi abidələrin bərpası və yenidən qurulması, mədəniyyət sahəsində çalışanların əmək haqlarının artırılması barədə ölkə Prezidenti tərəfindən 2006-cı il 22 noyabr tarixli sərəncam imzalanmışdır. Onların yaradıcılıq fəaliyyətlərinə və bu sahədə digər xüsusi xidmətlərinə görə fəxri adlarla və Azərbaycan Respublikası Prezidentinin mükafatları ilə təltif edilməsi ölkə Prezidentinin mədəniyyət sahəsinə verdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirilməlidir.
2007-ci ildə bu sahəyə dövlət büdcəsindən cari xərclər üçün 76,9 milyon manat və ya 2006-cı ilə nisbətən 21,6 faiz çox vəsait nəzərdə tutulmuşdur. Cari xərclərlə yanaşı, 2007-ci ilin dövlət büdcəsindən mədəniyyət sahəsində bir çox ciddi layihələrin maliyyələşdirilməsi üçün tələb olunan məbləğdə investisiya xərcləri ayrılmışdır. Buna misal olaraq Heydər Əliyev adına sarayda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Mingəçevir Dövlət Dram Teatrında, İncəsənət muzeyində, Azərbaycanfilm kinostudiyasında nəzərdə tutulan təmir və bərpa işlərini, Muğam evi binasının tikintisini, Bakı şəhərinin tarixi memarlıq abidələrinin bərpası işlərini və digər layihələri göstərmək olar. Bakı şəhərinin bir çox mədəniyyət ocaqlarının yanından keçsəniz, orada tikinti və təmir işlərinin aparıldığının və ya bu işlərə başlandığının şahidi olacaqsınız. Hesab edirik ki, bu sahəyə göstərilən diqqət və maddi təminat çox yüksəkdir və bu istiqamətdə işlər növbəti illərdə də davam etdiriləcək.
Müzakirələrdə səslənən fikirlərdən biri də hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması olmuşdur. Bu təklifin də həyata keçirilməsi vacib hesab edilmiş və Müdafiə Nazirliyinə xidməti mənzillərin tikintisi üçün əlavə 5 milyon manat vəsait ayrılmışdır.
Müzakirələr zamanı Azərbaycan Respublikası Milli Məclisinin bir sıra xərclərinin artımı ilə bağlı təkliflər irəli sürülmüşdür. Bu təkliflər nəzərə alınmaqla Milli Məclisin işçilərinin sayının 148 ştat vahidi artırılması, o cümlədən deputatların hər birinə bir vahid, cəmi 125 köməkçi ştatının verilməsi, Milli Məclisin Aparatında iki əlavə sektorun yaradılması və onların müvafiq ştatlarla komplektləşdirilməsi, ezamiyyə, xarici qonaqların qəbulu, əsas vəsaitlərin alınması xərclərinin artırılması üçün 1,7 milyon manat, Milli Məclisin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri və ikinci inzibati korpusun tikintisi üçün 8,7 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur.
Bir çox millət vəkili çıxışında Əli Bayramlıda, Goranboyda, Yevlaxda, Naftalanda, Masallıda, Tərtərdə və digər bölgələrdə içməli su probleminin olduğunu qeyd etdn. Ölkə içməli su ilə təmin etmək daim Azərbaycan Respublikası Prezidentinin diqqətində olmuşdur. Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi Şollar və ulu öndərimiz cənab Heydər Əliyevin çəkdirdiyi Bakı-Kür su kəmərlərindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış, həcminə və maliyyə tutumuna görə Azərbaycan tarixində üçüncü qlobal layihə sayılan, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə çəkilən su kəmərini buna bariz nümunə göstərmək olar. Həmin məqsəd üçün 2006-cı ildə 90 milyon manat vəsait ayrılmışdır. 2007-ci ildə isə bu məbləğ əhəmiyyətli dərəcədə artırılacaq.
Qeyd olunanlarla yanaşı, 2007-ci ildə ölkədə içməli su təminatı infrastrukturunun tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən investisiya qoyuluşu xərcləri hesabına 16 mühüm layihə üzrə vəsait nəzərdə tutulmuşdur. Bu vəsait başlıca olaraq “2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn layihələrin maliyyələşdirilməsinə, Zəyəmçay-Tovuz su kəmərinin inşasının başa çatdırılmasına, Yevlax şəhərinə içməli su xəttinin çəkilişinə, Ağcabədi rayonunda su təchizatının, Naftalan şəhərində su və kanalizasiya sisteminin yaxşılaşdırılmasına, Şamaxı şəhər su və kanalizasiya sistemində təmir və bərpa işlərinin aparılmasına yönəldiləcəkdir.
Bununla yanaşı, Asiya İnkişaf Bankının, digər xarici kreditorların və dövlət büdcəsinin vəsaiti hesabına 2007-ci ildə ölkəmizdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və bərpası layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. O cümlədən Naxçıvan, Ağdaş, Göyçay şəhərlərinin su təchizatı sisteminin, Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Bakı şəhərinin mərkəzi kanalizasiya sistemində mühüm rol oynayan Hövsan kollektor qurğusunun, Zığ nasos stansiyasının və əsas ötürücü kanalizasiya xəttinin yenidən qurulması layihələrinin həyata keçirilməsini qeyd etmək olar. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ölkənin içməli su təchizatının yaxşılaşdırılmasına dair dövlət proqramının hazırlanması üçün işlərə başlanılmışdır. Bu məqsədlə 2007-ci il dövlət investisiya xərclərinin artımı hesabına əlavə olaraq 6 milyon manat vəsait ayrılacaq.
Bəzi millət vəkilləri suvarma suyu təminatının yaxşılaşdırılması üçün artezian quyularının qazılmasını və yeni kanalların çəkilməsini təklif etmişlər. Su problemi və meliorativ tədbirlərlə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri ətraflı məlumat verdiyinə görə mən yalnız bu sahə ilə bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Belə ki, 2007-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əsas xərcləri 114,2 milyon manat həcmində və ya 2006-cı ilə nisbətən 67,8 faiz artımla nəzərdə tutulmuşdur ki, bu da bütövlükdə dövlət büdcəsi xərclərinin orta artım sürətindən 25 faiz çoxdur.
Eyni zamanda, qeyd etmək lazımdır ki, 2007-ci il dövlət büdcəsinin investisiya xərclərindən ölkə ərazisində 79 layihə üzrə suvarma drenaj sisteminin genişləndirilməsi və yaxşılaşdırılması, meliorativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə vəsait ayrılmışdır ki, həmin vəsait də həllini vacib saydığınız bir sıra layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bu layihələrə Vəlvələçay taxta-körpü, Şəmkir maşın, Yuxarı Mil kanallarının, Tovuzda Tovuzçay su anbarının, Neftçalada magistral, Cəlilabadda Göytəpə su anbarlarının tikintisini, respublikada onlarla subartezian quyusunun qazılmasını, Yevlax rayonunda 1000 hektar torpaq sahəsinin meliorativ cəhətdən yaxşılaşdırılmasını, bir sıra rayonların ərazisində suvarma kanallarının əsaslı təmirini, çaylarda sahilbərkitmə işlərinin, bir sıra rayonların sosial inkişafının sürətləndirilməsinə dair nəzərdə tutulan layihələrin maliyyələşdirilməsini misal göstərmək olar. Siyahını genişləndirməklə vaxtınızı almaq istəməzdim.
Artezian quyularının qazılması ilə bağlı təkliflərə aydınlıq gətirmək üçün bildirirəm ki, quyuların qazılması üçün vəsait tapılsa da, onların istismar xərcləri, o cümlədən elektrik enerjisi sərfi, nasosların vaxtaşırı dəyişdirilməsi və təmiri, hər quyuya xidmət üçün minimum 3 ştatın müəyyən edilməsi və digər xərclər nəzərə alınmalıdır ki, bu işin tam maliyyə tutumu aydın olsun. Qeyd etdiyim istismar xərcləri də nəzərə alındığı təqdirdə qazılmış quyular heç də həmişə gözlənilən səviyyədə sərfəli olmur. Buna əyani misal olaraq əvvəllər bir sıra iş adamlarının, sahibkarların öz mülkiyyətində olan 434 artezian quyusundan və 108 nasos stansiyasından imtina etməsini göstərmək olar. Hökumət məcburiyyət qarşısında qalaraq həmin quyuları və nasos stansiyalarını cari ilin mart ayına öz istismarına qəbul etmişdir. Məhz buna görə, hörmətli millət vəkilləri, suvarma ilə bağlı təklifləriniz tələskənliyə yol vermədən diqqətlə təhlil edildikdən və iqtisadi əsaslandırmadan sonra onların həyata keçirilməsi üçün qərarlar qəbul edilməlidir. Məqbul sayılan layihələrə aidiyyəti dövlət qurumlarında baxılaraq onların maliyyə təminatı həll ediləcəkdir.
Bəzi deputatlar ölkə ərazisində baş verən təbii fəlakətlərin, fövqəladə halların aradan qaldırılması üçün vəsait ayrılmasını təklif etmişlər. 2007-ci ilin dövlət büdcəsində bu məqsədlə vəsait nəzərdə tutulmasına baxmayaraq, hökumət məsələnin vacibliyini, son illərdə ölkə ərazisində baş verən təbii fəlakətlərin artdığını nəzərə alıb bu sahəyə əlavə olaraq 6 milyon manat vəsait ayırmışdır.
Bir sıra millət vəkilləri ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə ciddi tədbirlərin görülməsi istiqamətində təkliflə çıxış etmişlər. Bununla əlaqədar qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadi yüksəlişi dövründə sosial-iqtisadi islahatlara söykənən ümumi inkişaf konsepsiyasına uyğun olaraq ətraf mühitin mühafizəsi, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadə olunması məsələlərinə mühüm yer verilmişdir. Belə ki, son illər mədən və emal sənayesi sahələrinin, tikinti kompleksinin sürətli inkişafı ilə əlaqədar ətraf mühitə antropogen təsirin artmasının, ayrı-ayrı regionlarda torpaqların, su hövzələrinin və atmosferin çirklənməsinin, meşələrin seyrəkləşməsi, torpaqların eroziyası və sürüşməsinin, Abşeron yarımadasında, Kür-Araz ovalığında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı kimi sənaye mərkəzlərində ərazilərin neft, neft məhsulları ilə, aqrokimyəvi maddələr və məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması və digər ekoloji tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planında nəzərdə tutulan işlərin bir çoxunun təsərrüfat hesablı dövlət qurumları olan Dövlət Neft Şirkəti, Azərenerji, Azərsu səhmdar cəmiyyətləri, “Azəriqaz” Səhmdar Cəmiyyəti, AZAL Dövlət Konserni, Azərikimya Dövlət Şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, onu da bildirməliyəm ki, tədbirlər planında nəzərdə tutulan bir sıra məsələlərin həlli üçün 2007-ci il dövlət büdcəsinin investisiya xərclərindən əlavə olaraq 20 milyon manat vəsait ayrılacaq.
Bir sıra millət vəkilləri sərnişin nəqliyyatı, əsasən də, Bakı şəhərində nəqliyyat ilə bağlı olan problemlərə toxunaraq, bu problemlərin həllində yeraltı nəqliyyatın müstəsna rolunu qeyd etməklə metronun tikintisi və istismarı üçün əlavə vəsaitin ayrılmasını təklif etmişlər. Nəzərinizə çatdırıram ki, 2007-ci ilin dövlət büdcəsində Bakı Metropoliteninin şimal hissəsinin tikintisi, metropolitenə yeni 25 ədəd vaqonun və digər texnoloji avadanlığın alınması üçün 34,8 milyon manat, metronun yarı xərclərinin maliyyələşdirilməsi üçün 11,9 milyon manat subsidiya nəzərdə tutulub. Əlavə olaraq Bakı Metropoliteni işçilərinin əmək haqlarının artırılması üçün ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq 1,1 milyon manat vəsaitin artırılması təmin ediləcəkdir.
Bələdiyyələrə diqqətin və onların maliyyə təminatının artırılması üçün hörmətli millət vəkillərinin təklifləri nəzərə alınmaqla bu məqsədlə ayrılmış dotasiyanın məbləği 500 min manat da artırılacaqdır.
Müzakirələr zamanı bir çox millət vəkilləri vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmasını təklif etmişlər. Bildiririk ki, bununla bağlı ölkədə müvafiq çərçivə hazırlanar və qanunvericilik aktları qəbul edilərsə, dövlət büdcəsindən vəsait ayrılması məsələsinə baxıla bilər.
Rabitə, informasiya və kommunikasiya texnologiyaları sistemlərinin təkmilləşdirilməsi, bu istiqamətdə büdcə xərclərinin artırılması ilə bağlı təkliflər səsləndirilmişdir. Baxılan məsələnin mühüm iqtisadi və sosial əhəmiyyəti, rayon və şəhərlərin, habelə ucqar dağ kəndlərinin ölkənin vahid informasiya və kommunikasiya texnologiyaları sisteminə qoşulması zərurəti əsas götürülərək 2007-ci il dövlət büdcəsinin investisiya xərclərinin artımı hesabına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vasitəsi ilə respublikanın rayon və kəndlərində avtomat telefon stansiyalarının, poçt şöbələrinin tikintisi və yenidən qurulması üçün əlavə olaraq 4 milyon manat vəsait ayrılmışdır.
Bir çox millət vəkili dövlətin iqtisadi potensialının artdığı, ölkədə yetərincə valyuta ehtiyatının olduğu bir dövrdə xarici və daxili borclanmaya çox da lüzum olmadığını və bundan imtina edilməsini təklif etmişdir. Bildirirəm ki, 2007-ci ildə xarici və daxili dövlət borclarının idarə olunması diqqətdə saxlanılmaqla dövlət zəmanətli kreditlərin daha da təkmilləşdirilməsi, ölkədə qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi üçün dövriyyəyə 2-3 və 5 il müddətli daxil dövlət istiqrazlarının buraxılması, habelə ilk dəfə olaraq beynəlxalq bazarlarda Azərbaycan dövlətinin istiqrazlarının yerləşdirilməsi nəzərdə tutulur. Bu istiqrazların buraxılışı yalnız əlavə borclanma, investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə deyil, beynəlxalq kapital bazarlarında ölkənin dövlət borcu üzrə ortamüddətli faiz dərəcəsinin müəyyən edilməsi, Azərbaycanın korporativ emitentlərinin beynəlxalq kapital bazarlarından dövlət təminatı verilmədən borc alması üçün şərait yaradılması, xarici ixrac-kredit agentliklərinin Azərbaycan üçün müəyyən edilmiş sığorta haqlarının əhəmiyyətli dərəcədə endirilməsi məqsədləri güdür.
Daxili bazarda dövlət istiqrazlarının buraxılışı həcminin artırılması isə bir sıra struktur problemlərinin həlli istiqamətində vacib addım olmaqla, mövcud iqtisadi durumda bu təklifin və izafi likvidliyin inflyasiya təzyiqini neytrallaşdırmağa şərait yaradacaq, inflyasiyanın məqbul səviyyədə saxlanılmasına, qeyri-neft sektorunun rəqabət qabiliyyətini təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə yönəldilmiş tədbirlərin reallaşmasına imkan verəcəkdir. Bütün vacib amillər nəzərə alınmaqla 2007-ci ildə də borclanmaya gedilməklə daxili dövlət borclanma limitinin yuxarı həddi 300 milyon manat, xarici dövlət borclanma limitinin yuxarı həddi 1,2 milyard manat nəzərdə tutulub.
Həmin limitlərə uyğun olaraq 2007-ci ildə həyata keçirilməsi nəzərdə tutulan borclanma istiqamətlərini diqqətinizə çatdırmaq istərdim. 2007-ci il üçün daxili borclanma limiti çərçivəsində dövlət xəzinə istiqrazlarının buraxılması və dövlətə məxsus digər qurumların borc öhdəlikləri ilə bağlı zəmanətlərin verilməsi nəzərdə tutulur. 2007-ci ildə ölkənin elektrik enerjisi sektorunun və yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, həmçinin regionların sosial-iqtisadi inkişafı sahəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarının icrası olaraq dövlət büdcəsi ilə yanaşı, əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə-kredit təşkilatlarından da müxtəlif kredit xətlərinin cəlb olunması nəzərdə tutulur ki, bunlar aşağıdakı qaydada limitləşdiriləcək: beynəlxalq və regional avtomobil yollarının və dəmir yol nəqliyyatının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulmasına 300 milyon manat, elektrik enerjisi sektorunun inkişafına 200 milyon manat, regionların sosial-iqtisadi inkişafı, içməli su təchizatı və sair tədbirlərin həyata keçirilməsinə 125 milyon manat, Bakı şəhərinin ekoloji tarazlığının bərpası məqsədi ilə məişət tullantıları zavodunun tikilməsinə 150 milyon manat, avroistiqrazların buraxılışı üçün 250-300 milyon manat.
Bir daha hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim ki, bu heç də o demək deyil ki, 2007-ci ildə məcburi qaydada nəzərdə tutulan limit qədər daxili və xarici borclanmaya gediləcəkdir. Bu limit ancaq imzalanması 2007-ci ildə gözlənilən borc öhdəlikləri üzrə xətti özündə əks etdirir.
Müzakirələr zamanı bəzi millət vəkilləri 2007-ci ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulan “Sair xərclər”in tərkibinin açıqlanmasında israr etmişlər. Bildirirəm ki, “Sair xərclər” maddəsində nəzərdə tutulan vəsaitlərin üst-üstə 90,4 faizini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun, dövlət büdcəsinin ehtiyat fondunun, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin xərcləri və bir sıra hüquq mühafizə orqanlarının həyata keçirdiyi xüsusi əməliyyat xərcləri təşkil edir. Qalan vəsait isə diaspor ilə bağlı xərcləri, səhiyyədə sanitar-aviasiya xərclərini, mədəniyyət sahəsində kütləvi tədbirlər xərclərini, bədən tərbiyəsi və gənclər siyasəti üzrə həyata keçirilən tədbirlərlə bağlı xərcləri özündə birləşdirir. Həmin maddədə nəzərdə tutulan vəsaitin iqtisadi və inzibati təsnifat üzrə bölgüsü mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və aidiyyəti büdcə təşkilatlarının səlahiyyətlərinə daxildir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirələr zamanı çıxış edən bir çox millət vəkili 2007-ci il üzrə dövlət və icmal büdcə layihələrinin tərtibi, onların tərtibatının kəmiyyət və keyfiyyət dəyişiklikləri üzrə üstünlükləri, büdcənin cari xərclər büdcəsindən strateji büdcəyə doğru hərəkətini müsbət qiymətləndirmişdir. Eyni zamanda, onlar əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkənin elm, təhsil, səhiyyə və aqrar potensialının gücləndirilməsi, büdcə vəsaitlərinin istifadəsinə dövlət və ictimai nəzarətin artırılması və bu kimi digər dövlət əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi istiqamətində dəyərli təkliflər və tövsiyələr irəli sürmüşlər. Bir daha fürsətdən istifadə edərək müzakirələrdə iştirak etmiş bütün millət vəkillərinə büdcə layihələrinə göstərdikləri diqqət və marağa görə dərin minnətdarlığımı bildirmək istərdim.
Yuxarıda qeyd etdiyim kimi, irəli sürülmüş bir sıra təklif və tövsiyələr hökumət tərəfindən nəzərə alınmış və dövlət büdcəsi layihəsində buna müvafiq düzəlişlər edilmişdir. Dövlət büdcəsi layihəsində edilən dəyişikliklərlə əhatə olunmamış digər təklif və tövsiyələr isə növbəti illər üçün büdcə layihələrinin hazırlanmasında istifadə olunacaq. 2007-ci il dövlət və icmal büdcələri ilə bağlı müvafiq qanun layihələrinin Milli Məclisdə qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin daha da gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin artırılması istiqamətində nəzərdə tutulan möhtəşəm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə təsirli dəstək olacaqdır. Bunları nəzərə alaraq, sizləri, hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2007-ci il dövlət və icmal büdcələri ilə bağlı qanun layihələrinə səs verməyə bir daha çağırıram. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Hörmətli millət vəkilləri, mən iclas başlayanda dedim ki, müzakirələrdə 124 millət vəkili iştirak eləyib. Büdcənin müzakirəsini keçirmişik. Komissiyanın sədrinə də qulaq asaq, sonra səsverməyə keçək. Bunları 6 gün müzakirə eləmişik. Belə müzakirə getsə, onda gərək bir il büdcəni müzakirə eləyək. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsi burada qeyd olunduğu kimi, çox ətraflı müzakirə edilmişdir. Müzakirələr prosesində çox dəyərli təkliflər irəli sürülmüşdür ki, onların da nəzərə alınması haqqında hörmətli maliyyə naziri Samir Şərivof ətraflı məlumat verdi. Azərbaycan Respublikasının 2007-ci il büdcəsi Azərbaycan Respublikasının qəbul etdiyi “Büdcə sistemi haqqında” Qanuna, Konstitusiyaya və büdcə ilə əlaqədar olan digər qanunlara uyğun olaraq hazırlanmışdır. Maliyyə naziri öz çıxışında bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının hökuməti Milli Məclisin bu iclaslarında qaldırılan məsələlərə çox məsuliyyətlə yanaşmış və deputatların qaldırdıqları bir sıra məsələlərin həllinə nail olmuşdur.
Mən istərdim ki, çox qısa olaraq burada təklif olunan məsələlərə münasibətimi bildirim. Əvvəla, ”Büdcə sistemi haqqında” Qanunda əsas göstəricilər təsdiq edilmişdir və maliyyə nazirinin çıxışında, eləcə də təqdim olunmuş büdcə qanununun layihəsində bütün göstəricilərə münasibət bildirilmişdir. Dövlət büdcəsinin gəlir və xərcləri, mədaxil mənbələri, dövlət büdcəsinin kəsiri, dövlət büdcəsinin investisiya xərcləri, müdafiə olunan xərclər, xarici borclanma, daxili borclanma və digər əsas göstəricilər barədə maliyyə naziri çox ətraflı məlumat verdi. Bu göstəricilər barədə edilən təkliflər son variantda öz əksini tapmışdır.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan Respublikasında investisiya yönümlü büdcə hazırlanmışdır və Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfədir ki, belə bir büdcə müzakirə olunur. Mən bir faktı qeyd etmək istəyirəm ki, 1997-2006-cı illərdə Azərbaycan Respublikasının dövlət büdcəsində investisiya xərcləri 1 milyard 380 milyon manat müəyyən edilmişdi. 2007-ci ilin büdcəsində isə bu xərclər son 8 il ərzində müəyyən edilmiş xərclərdən 130 milyon manat çoxdur. Bu onu göstərir ki, Azərbaycan Respublikasında iqtisadi inkişaf ilə əlaqədar olaraq biz artıq investisiya siyasəti aparırıq və bu investisiya siyasətinin tərkibində daxili investisiyalar hesabına vəsaitlərin artması meyili müşahidə olunur.
Vacib məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan Respublikasının 2007-ci il büdcəsində müdafiə olunan xərclərə dair Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strateji xətt öz əksini tapmışdır. 2007-ci ildə müdafiə olunan xərclər üzrə artım 1,5 dəfə nəzərdə tutulmuşdur. Halbuki ümumi daxili məhsulun artımı 25 faiz təşkil edir. Yəni bu da bir daha göstərir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına müvafiq olaraq Azərbaycan hökuməti, iqtisadi qurumlar sosial sahədə də böyük dəyişikliklər həyata keçirirlər.
Qanun layihəsinin müzakirəsində elmlə əlaqədar olaraq çox dəyərli fikirlər söylənildi. Mən millət vəkillərinə, komissiya sədrlərinə təşəkkür edirəm ki, ilk dəfə olaraq Azərbaycan elminə ayrılan xərclər bu qədər artıbdır. Bir faktı qeyd etmək istərdim ki, 2000-ci ildə Azərbaycan elminə ayrılan vəsaitin miqdarı 9,3 milyon idi. Bu il isə təkcə millət vəkillərinin etdiyi təkliflərdən sonra düzəlişlərin məbləği 2000-ci ildə elmə ayrılan xərclərin 56 faizini təşkil edir.
Maliyyə naziri tamamilə haqlı olaraq qanun layihəsində daha bir prinsipial məsələni qeyd etdi. Söhbət büdcənin ehtiyat fondunun miqdarı və onun strukturunda baş verən dəyişikliklərdən gedir. Qanuna görə büdcə sistemində ehtiyat fondu büdcə gəlirlərinin 5 faizindən artıq ola bilməz. Son variantda bu məsələ də nəzərə alınmış və büdcənin ehtiyat fondu büdcə xərclərinin 2 faizi məbləğində müəyyən edilmişdir.
İstər elm, istər təhsil, istərsə də regionların inkişafı ilə əlaqədar olaraq maliyyə vəsaitlərinin artırılması, sosial müdafiə ilə əlaqədar olaraq görülmüş tədbirlər, heç şübhəsiz ki, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin əvvəlki illərə nisbətən daha keyfiyyətli olmasını sübut edir. Hökumətin bu sahədə mövqeyi təqdirəlayiq hesab edilməlidir.
Millət vəkillərinin qaldırdıqları bütün məsələlərə münasibət bildirilmişdir. Təbii ki, 1 il ərzində bu məsələlərin hamısını həll etmək qeyri-mümkündür. Ancaq mən hesab edirəm ki, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi Azərbaycanın milli maraqlarına tam cavab verərək, Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.
Büdcə layihəsində büdcə və neft problemi də bir daha araşdırıldı. Biz bu prosesdə hökumət üzvləri ilə çoxsaylı görüşlər, müzakirələr keçirdik və bir daha müəyyən etdik ki, Azərbaycan dövlətinin neft strategiyası və neft istehsalından gələn gəlirlərin büdcədə optimal səviyyədə nəzərə alınması təmin olunmuşdur. Norveç kimi ölkədə neft fondundan büdcəyə transfer 11 faiz təşkil edir. Azərbaycan Respublikasında 2007-ci il üzrə bu məbləğ cəmi 9-10 faiz arasında müəyyən edilmişdir. Yəni biz ilk dəfə olaraq sabitliyə nail olmağa çalışırıq və hökumət də öz fəaliyyətində bu məsələni əsas götürmüşdür.
Başqa bir məsələ – iqtisadi inkişaf proqnozları. İqtisadi İnkişaf Nazirliyi Vergilər Nazirliyi və digər qurumlarla çox dəyərli proqnozlar hazırlamışdır. Mən hesab etmirəm ki, bu proqnozlar sabit qalacaq. Heç şübhəsiz ki, cənab Prezidentin apardığı siyasət nəticəsində bu proqnozlara da dəyişikliklər ediləcək, qeyri-neft sektorunun üstün inkişafı təmin olunacaq və hər faiz artımın mütləq miqdarının daha da çoxalması təmin ediləcəkdir. Bütün bunlar da, heç şübhəsiz, gələcək illərdə Azərbaycan büdcəsinin daha sanballı, daha keyfiyyətli olmasını təmin edəcəkdir.
Mən millət vəkillərinin bu fikrini də dəstəkləyirəm ki, büdcə sistemi bundan sonra daha da təkmilləşdirilməlidir. Bir müddətdən sonra, heç şübhəsiz ki, hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, biz “Büdcə sistemi haqqında” Qanuna müəyyən dəyişikliklər etməliyik. Ortamüddətli büdcənin layihəsi hazırlanmalıdır. Yəni iqtisadi inkişafla maliyyə proqnozları arasında əlaqənin təmin olunmasına nail olmalıyıq. Normativlərdən istifadə etməliyik. Təbii ki, bütün bunlar 2007-ci il büdcəsinin keyfiyyət göstəricilərinin təhlilindən doğan bir nəticədir. Mən hesab edirəm ki, 2007-ci ilin dövlət büdcəsi bütün göstəricilərinə görə əvvəlki illərin dövlət büdcələrindən qat-qat fərqlənir. Bu büdcə Azərbaycanın iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinin büdcəsidir. Bu büdcə layihəsində bir sıra yeni məsələlərin əsası qoyulur.
Dünən cənab Prezident Ümumdünya Ticarət Təşkilatının nümayəndə heyətini qəbul etmişdir. Sonra nümayəndə heyəti cənab Sədrlə görüşdü və bir daha aydın oldu ki, biz elə inkişaf modeli seçməliyik ki, gələcəkdə Ümumdünya Ticarət Təşkilatına daxil olmağımız nəticəsində Azərbaycanın milli maraqları gözlənilsin. Bu baxımdan da büdcə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq deputat həmkarlarımın verdiyi təkliflər, şübhəsiz ki, nəzərə alınacaq və Azərbaycan gələcəkdə beynəlxalq aləmdə rəqabətə davamlı bir ölkə kimi tanınacaqdır. 2007-ci ilin büdcəsi bu istiqamətdə çox möhkəm baza yaradır. Mən bir daha millət vəkillərini büdcə layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hökumət üzvləri millət vəkillərinin verdiyi təkliflərə çox diqqətlə yanaşmışlar, Prezidentə dəqiq məlumat vermişlər və deputatların bu büdcə layihəsinə dair verdiyi çox təkliflər nəzərə alınmışdır. Ona görə bir daha hökumətə öz minnətdarlığımızı bildiririk. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, müzakirələr 6 iclasda keçirildi. İndi müzakirə yoxdur. Siz müzakirə vaxtı olmadınız, müzakirələri kənarda keçirdiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qulaq asın. Maliyyə naziri çıxış eləmədi, millət vəkillərinin çıxışlarında qaldırılan məsələlərə hökumətin münasibətini bildirdi. Mən yenə deyirəm, bu müzakirələri aparmışıq. Siz sual vermək istəyirsiniz, sual verin. Təzədən müzakirə eləmək olmaz. Biz müzakirələri qurtardıq. Keçən müzakirələrdə iştirak eləmədiniz, amma 124 millət vəkili iştirak elədi, müzakirələri bitirdik.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 95
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Gündəliyin ikinci məsələsinə keçirik. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Söz verilir fondun sədri cənab Səlim Müslümova.
Sual verə bilərsiniz. Amma çıxışdan sonra müzakirə eləsək, bu büdcəni biz bir ilə də qurtara bilmərik.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Keçən 18 gün ərzində biz burada Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsinə, “Sosial sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri barədə millət vəkillərimizin söylədikləri təkliflərin ümumiləşdirilməsi istiqamətində Prezident Aparatı, Milli Məclis Aparatının müvafiq şöbələri və müvafiq nazirliklərin mütəxəssisləri ilə birlikdə çox böyük həcmli bir iş həyata keçirə bildik. Mən bu məsələlərin operativ şəkildə baxılaraq təhlil edilməsinə, deputatlarımızın təkliflərinin nəzərə alınması üçün təqdim olunmuş qanun layihələrində dəyişikliklərin edilməsinə razılıq verilməsinə və bu dəyişikliklərin sonuncu variantda öz əksini tapması barədə bizim ümumiləşdirilmiş qərarımızın qəbul edilməsinə görə, cənab Sədr, Sizə Milli Məclisin Aparatına, müvafiq şöbələrinə öz dərin təşəkkürümü bildirirəm. Həqiqətən, 20 günə yaxın müddətdə biz çox məhsuldar bir işin şahidi olduq.
Aparılmış ümumiləşdirmələr, təqdim olunmuş layihələrə müvafiq dəyişikliklərin edilməsi barədə fikirlərin bir daha təhlil edilməsi həmin layihələrə aşağıdakı dəyişikliklərin edilməsi barədə qərarların qəbul edilməsi ilə nəticələndi. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə iki dəyişikliyin edilməsi qərara alındı. Bunlardan birincisi Dövlət büdcəsi haqqında qanun layihəsinə edilən dəyişikliklərlə bağlıdır. Sizin təklifləriniz nəzərə alınaraq, dövlət büdcəsində əmək haqqı fondunun müəyyən qədər artımı barədə müvafiq dəyişiklik edildi və həmin artıma uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun gəlirləri strukturunda da müəyyən dəyişiklik edildi. Məcburi dövlət sosial sığorta haqlarının həcmi 50 min manat artırıldı və buna uyğun olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna edilən transferin həcmi 50 min manat azaldıldı.
İkinci dəyişiklik burada millət vəkillərimizin qaldırdığı məsələ ilə bağlı idi. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə sığorta olunan şəxslərin müalicə xərclərinin daha 100 min manat artırılması məsələsi də son variantda öz əksini tapıb.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin 100 min manat azaldılması və həmin vəsaitin Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə vətəndaşların müalicəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi barədə qərar qəbul edilib.
“Sosial sığorta haqqında” Qanunda da millət vəkillərimizin təkliflərinə görə iki dəyişiklik edilib. Bunlardan birincisi müavinətin aylıq maksimum həddinin məhdudlaşdırılması ilə bağlıdır. Təqdim olunan layihədə pensiyanın baza hissəsinin 15 misli ilə bunun məhdudlaşdırılması nəzərdə tutulubsa, bu gün bizim bir sıra dövlət qulluqçularının, millət vəkillərimizin və sair kateqoriyalardan olan sığortalananların aylıq əmək haqlarının məbləğinin daha yuxarı olduğu nəzərə alınaraq “15 misli” sözləri “25 misli” sözləri ilə əvəz olunub. Beləliklə, yanvar ayının 1-dən bu, 1000 yeni Azərbaycan manatına bərabər olacaqdır. İyul ayının 1-dən pensiyaların baza hissəsinin yenidən artırılması zamanı isə bu, 1125 manata çatacaqdır ki, bu da müavinətlərin yuxarı həddinin kifayət qədər yüksək olmasını göstərir.
İkinci dəyişiklik qanunun 12-ci maddəsində edilib. Bildiyiniz kimi, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında işləyib gəlir əldə edən xarici vətəndaşlar “Sosial sığorta haqqında” Qanunda edilmiş müvafiq dəyişiklikdən sonra Azərbaycan Respublikasında sosial sığortaya cəlb olunublar. Lakin bu, hasilatın pay bölgüsü sazişləri üzrə çalışan xaricilərə şamil edilmir. Çünki sazişlər də qanunla təsdiq olunub və qanun xarakteri daşıyır. Həmin sazişlərdə xarici işçilərin məcburi dövlət sosial sığortasından azad olması müddəası öz əksini tapıb. Ona görə də bunu nəzərə alaraq biz 12-ci maddədə “məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilər” sözlərindən sonra “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” və “Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişlər çərçivəsində fəaliyyət göstərən əcnəbilər istisna olmaqla” sözlərinin əlavə olunmasını nəzərə almışıq.
Nəhayət, ən böyük dəyişikliklər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında təqdim olunmuş qanun layihəsi ilə bağlıdır. Aparılmış geniş diskussiya zamanı deputatlarımız tərəfindən bu qanun layihəsi ilə bağlı çoxlu fikirlər söylənildi. Bu fikirlərin bir hissəsinə hörmətli maliyyə naziri Samir Şərifov çıxış edən zaman münasibət bildirdi. Bunlar pensiyaların həm baza hissəsinin, həm də sığorta hissəsinin artırılması istiqamətində hökumətin gördüyü tədbirlər barədədir.
Digər dəyişiklikləri iki qrupa bölmək mümkündür. Bunlardan bir qrupu redaksiya xarakterlidir. Təqribən 12-yə qədər redaksiya xarakterli dəyişiklik nəzərdə tutulub. Bunlar haqqında mən ayrı-ayrılıqda danışıb, əlavə vaxt almaq istəmirəm. Amma mahiyyət etibarı ilə olan 8 dəyişiklik barədə mən xüsusi məlumat vermək istəyirəm. Bunların böyük bir qismi hərbi qulluqçuların pensiya təminatı ilə bağlıdır. Burada çıxışlar zamanı bu məsələlər xüsusilə qaldırıldı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mütəxəssisləri də bu məsələyə öz fikirlərini bildirdilər. Bunlar nəzərə alınaraq vahid qanunda hərbi qulluqçuların pensiya təminatının daha da yaxşılaşdırılması müddəaları öz əksini tapmışdır. Həmin dəyişiklikləri diqqətinizə təqdim edirəm. 1-ci maddədə “hərbi qulluqçular” anlayışında hərbi qulluqçularla xüsusi rütbəli şəxslər birləşdirilmişdi. İndi onlar ayrılır, iki ayrı anlayış verilir - “hərbi qulluqçular” anlayışı və “xüsusi rütbəli şəxslər” anlayışı. Daha sonra xüsusi rütbəli şəxslərə də hərbi qulluqçuların pensiya təminatı müddəalarının şamil olunması qanunda öz əksini tapır və sonra qanunun mətnində hər yerdə yalnız “hərbi qulluqçular” ifadəsi işlənilir.
Bundan başqa, ikinci böyük məsələ ərzaq təminatının ümumi təminat xərcinin tərkibinə girməsi ilə bağlı məsələ idi. Deputat Aydın Həsənovun qaldırdığı həmin məsələ burada öz əksini tapıb. Artıq pensiyalar müəyyənləşdirilərkən hərbi qulluqçular üçün təminat xərcinin tərkibində ərzaq təminatı da nəzərə alınacaq.
Daha bir mühüm məsələ. İndiyədək qanunda hərbi qulluqçuların pensiya təminatı ilə bağlı belə bir müddəa var idi ki, hərbi qulluqçular hərbi qulluqdan buraxıldıqdan və pensiyaya çıxdıqdan sonra yenidən hərbi qulluğa qayıdarlarsa, onlara pensiya ödənilməsi dayandırılır. Həmin cümlə mətndən çıxarılıb və 37-ci maddəyə belə bir cümlə əlavə olunub ki, əgər hərbi qulluqçular hərbi qulluqdan gedən zaman onlara hərbi qulluqçunun pensiyası təyin edilərsə və sonra onlar yenidən hərbi qulluğa çağırılarlarsa, onlara həm pensiya, həm də əmək haqqı tam məbləğdə ödəniləcəkdir. Həmin təklif də nəzərə alınmış və burada tam şəkildə öz əksini tapmışdır.
Hərbi qulluqçularla bağlı daha bir məsələ qanun layihəsinə əlavə olunmuşdur. Qanunun 21.2-ci maddəsində əgər əvvəlcə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri yazılmışdısa və SSRİ dövründə hərbi qulluqda olmuş şəxslərin hərbi qulluq müddətləri müəyyən edilərkən həmin dövrün hərbi qulluğa aid edilib-edilməməsi məsələsi açıq qalırdısa, indi 21.2.3-cü maddəyə “1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla” sözləri əlavə edilmiş və beləliklə, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı bütün narahatlıqlar son variantda ortadan qaldırılmışdır.
Mahiyyət etibarı ilə zəruri olan daha bir məsələ vəfat etmiş deputatların ailə üzvlərinin pensiya təminatı ilə bağlı idi. Əvvəlki variantda yalnız səlahiyyət müddətində vəfat etmiş deputatların ailə üzvlərinə pensiya verilməsi nəzərdə tutulurdusa, indi həmin maddə genişləndirilmiş və aşağıdakı redaksiyada yazılmışdır: “Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə onların hər bir ailə üzvünə fəaliyyətdə olan deputatın maaşına uyğun olaraq deputat pensiyası verilir”.
Göründüyü kimi, son dəyişikliklər nəzərə alınmaqla bu qanunvericilik aktlarının qəbul edilib növbəti ildə tətbiq olunması Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini daha da gücləndirməyə xidmət edəcəkdir. Bunu nəzərə alaraq, hörmətli millət vəkillərimizdən bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Böyük razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Milli Məclisdə 2007-ci ilin büdcəsinin müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılan bütün məsələlər, deyilən bütün təkliflər, göstərilən bütün iradlar möhtərəm Prezidentimizin göstərişi ilə Azərbaycan hökuməti tərəfindən çox diqqətlə araşdırılmış və demək olar ki, bizə təqdim olunan bütün qanun layihələrində Azərbaycana xidmət edən, Azərbaycan xalqının sosial müdafiəsini gücləndirən dəyişikliklər nəzərdə tutulmuşdur.
Bu dəyişikliklər sırasında, şübhəsiz ki, sosial bloka aid olan qanunları da qeyd etmək lazımdır. Hörmətli Səlim müəllimin burada dediyi kimi, Milli Məclisdə qaldırılan məsələlər sonradan Milli Məclisin Sosial siyasət daimi komissiyası ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən dəfələrlə araşdırılmış və optimal variant qəbul olunmuşdur. O dəyişikliklər haqqında Səlim müəllim burada məlumat verdi.
Çox təqdirəlayiq haldır ki, büdcəmizdə şəhid ailələrinə verilən müavinətlərin gələn il bir neçə dəfə artırılması nəzərdə tutulmuşdur. “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilərək əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət alanların müavinətlərinin artırılması məsələsi öz həllini tapmışdır. Bizə təqdim olunan əvvəlki layihədə müavinətin bu həddi əmək pensiyasının baza hissəsinin 15 mislinə bərabər idisə, indi 25 misli həddinə qaldırılıbdır.
Digər bir məsələ. “Əmək pensiyaları haqqında” Qanunda bir xeyli əlavə və dəyişikliklər edilmişdir. Bunlar hərbi qulluqçuların geniş bir kateqoriyasının sosial müdafiəsinin gücləndirilməsinə, ədliyyə və prokurorluq orqanları sistemində çalışan işçilərin sosial müdafiəsinin, pensiya təminatının yaxşılaşdırılmasına, ombudsmanın, deputatların pensiya təminatında olan müəyyən boşluqların aradan qaldırılmasına, sistemliyin yaradılmasına xidmət edən əlavə və dəyişikliklərdir.
Deputatların əksəriyyətinin təklifi ilə Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsinə də dəyişiklik edilmişdir. Deputatların çoxu burada məsələ qaldırmışdı ki, sığortalanan vətəndaşların sanator-kurort müalicəsinə yollayışların alınması üçün həmkarlar ittifaqının büdcəsinə keçirilən vəsaitin məbləği artırılmalıdır. Bu, hökumətimiz tərəfindən nəzərə alınmış və həmin məqsədlə 100 min manat məbləğində vəsaitin artırılması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, Milli Məclisdə sosial bloka aid qaldırılan bütün məsələlər hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu gün müzakirəyə təqdim olunan əlavə və dəyişikliklərin hamısı pozitiv dəyişikliklərdir. Bütün deputat həmkarlarımı bu dəyişiklikləri dəstəkləməyə çağırır və onlardan xahiş edirəm ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsinə, “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihələrinə səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İki millət vəkilinin sualı var. Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun, Oqtay müəllim. Mən, əvvəla, üzr istəyirəm, suallarım bir neçə dənədir. Maliyyə Nazirliyindən suala cavab olacaqmı? Olacaqsa, mən sualımı verim.
Mənə müəllimlər tərəfindən müraciətlər olub. Hörmətli təhsil naziri də buradadır. Müəllimlərin maaşlarının 25 faiz artırılması haqqında Prezidentin sərəncamı olub. Müəllimlər indi bir məsələni kütləvi şəkildə müzakirə edirlər. Oktyabr-noyabr aylarında onlara 20 faiz hesablanıb. Bu 20 faizin 25 faiz olmayacağı da bildirilib. Çox istərdik ki, bu məsələyə aydınlıq gətirilsin.
İkincisi, müzakirə müddətində mən bir neçə kütləvi informasiya vasitəsində büdcə paketinə daxil edilməli olan 2007-2010-cu illər investisiya proqramları layihəsinin deputatlara təqdim olunmaması məsələsini qaldırmışam. Çox istərdim ki, hörmətli əlaqədar şəxslər bu məsələyə aydınlıq gətirsinlər. Əlavə edim ki, “Dövlət büdcə sistemi haqqında” Qanunun 12.1.8-ci maddəsində cari il və sonrakı il üçün dövlət büdcəsi, icmal büdcələri nəzərə alınmaqla, əsas investisiya layihələrinin əks olunduğu proqramların da büdcə zərfinə əlavə olunması nəzərdə tutulub.
Üçüncü, yerli büdcələrlə əlaqədar məsələlər tamamilə diqqətdən kənardadır. Mən deputat olaraq maraqlanmışam. Əvvəllər çox pul ayrılmırdı, indi xeyli pul ayrılır. Həmin yerli büdcələrin hazırlanması, xüsusilə dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə təsnifatın tərtib edilməsi çox bərbad vəziyyətdədir. Mən istərdim, Maliyyə Nazirliyinin və yaxud Xəzinədarlığın buna hansı dərəcədə aidiyyəti olduğu diqqətə çatdırılsın.
Dördüncü sualım konkret olaraq seçicilərimin mənə verdiyi təkliflərlə bağlıdır. 2005-ci il oktyabrın 5-də bir sıra rayonların, o cümlədən Sabirabad rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək haqqında respublika Prezidentinin sərəncamı olmuşdur. Həmin sərəncamın 7 bəndinin heç biri üzrə heç bir iş görülməmişdir. Mənim əlaqədar nazirliklərə, yəni İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə və başqa əlaqədar cəmiyyətlərə müraciətlərimə cavab verirlər ki, maliyyə vəsaiti olmadığına görə bu məsələlər nəinki həyata keçirilmir, əksinə, bunların həyata keçirilməsi gözlənilmir.
Beşinci. Hörmətli Sədr, bu, indi müzakirə edilən məsələlərə aid olmasa da, büdcə zərfinin müzakirəsindən istifadə edərək, bir sıra deputatların xahişini Sizin diqqətinizə çatdırmağı lazım bilirəm. Son günlər əhalinin qaz və elektrik enerjisi ilə təminatı sahəsində olduqca gərgin vəziyyətin yaranması haqqında, yəqin ki, məlumatınız vardır. Bu vəziyyət müxtəlif yerlərdə kütləvi narazılıqların yaranmasına səbəb olur. Energetika sahəsinə ayrılan xərclər ildən-ilə artıb, 1 milyardı keçib. Bu il də yanacaq- energetika sisteminə 586 milyon manat subsidiya nəzərdə tutulur. Büdcədən bu qədər vəsait xərcləndiyi halda niyə mənim seçicilərim keçən il 17 saat işıq alırdılarsa, indi 12 saat alırlar? Kənd yerlərində isə 5-6 saata düşüb. Keçən il Sabirabad rayonunda bu aylarda, heç olmasa, az-çox qaz olurdu, indi, ümumiyyətlə, qaz yoxdur. Niyə dövlətin milyonlarla manat vəsaiti, o cümlədən büdcədən verilən subsidiya hesabına, borclar hesabına quraşdırılan sayğaclar heç bir yerdə heç bir əhəmiyyət vermir, yenə də əvvəlki kimi, 2-3 “şirvan” enerji pulu toplanır? Bunun yiyəsi var, ya yoxdur? Ölkə və xalq, cəmiyyət, bizim seçicilər maddi məhrumiyyətlər içərisindədir. Son günlərdə bu maddi məhrumiyyətlərə bir informasiya azlığı da əlavə etdilər. Mən çox istərdim ki, bu iclasda bu məsələ müzakirə olunandan sonra respublikada ANS-in bağlanması...
Sədrlik edən. Pənah bəy, biz indi ANS-dən, mətbuatdan danışmırıq. Sualınızı verin, çıxış etmirsiniz. Suallarınızı verdiniz, bitdi. Müzakirə nə vaxt olsa, çıxış edib sözünüzü deyərsiniz. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Dövlət Sosial Müdafiə Fondu ilə əlaqədar bir sualım var. Bildiyiniz kimi, anadangəlmə əlillər hökumətdən 20 yeni manat və ya 100 min köhnə manat həcmində əlillik təqaüdü alırlar. Halbuki bizim respublikada təqaüdlərin minimum həcmi indi 175 min manatdır. Mənim sualım hörmətli Səlim Müslümovadır. Nəyə görə ağır xəstəliklərə düçar olan və daim valideynlərin və doğmaların köməyinə, qayğısına möhtac olan anadangəlmə əlillərin təqaüdlərinin məbləği belə azdır?
İkinci sual. Bu kateqoriyadan olan əlillərin təqaüdləri nəyə görə başqa pensiyalar kimi ildən-ilə artmır? Gələcəkdə, 2007-ci, ya da 2008-ci illərdə bu artım nəzərdə tutulacaq, ya yox? Bu əlillər çox bədbəxt insanlardır. Allah onları dünyaya gələndən sınağa çəkir. Ona görə də anadangəlmə əlillərə sosial ədalət prinsipi şamil edilməli və mənim fikrimcə, onlar dövlətin qayğısını daha aydın hiss etməlidirlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Keçən çıxışlarımın birində Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim müəllimə qaçqın müəllimlərin maddi təminatı ilə bağlı sualım olmuşdu. Qaçqın müəllimlərə indiyədək müavinətlər verilir, daha doğrusu, işləməyən qaçqın müəllimlərin əmək haqları sabit saxlanılırdı. Amma yeni layihəyə görə, 2007-ci il yanvar ayının 1-dən onlara bu maaşların verilməsi dayandırılır. İndi onlar aztəminatlı ailələrə verilən yardımı almaq üçün müraciət etməlidirlər. Mən çıxışımda qeyd etdim ki, həmin müəllimlər işlə təmin olunmayınca və yaxud onlara peşəsinə uyğun alternativ dövlət işi təklif edilməyincə, o maaşların ödənilməsi davam etdirilməlidir. Dövlətin kifayət qədər vəsaiti var. Həmin müəllimlərin sayı da çox deyil. Nəyə görə bu müəllimlərin maaşları yenə əvvəlki illərdə olduğu kimi saxlanılmayıb? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Suallar bitdi. Səlim Müslümov.
S. Müslümov. Çox sağ olun, cənab Sədr. Əvvəlcə Elmira xanımın suallarını cavablandırım. Bildiyiniz kimi, 2006-cı il yanvarın 1-dən “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” iki qanun qüvvəyə mindi. Beləliklə, Azərbaycan Respublikasında sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemi bir-birindən ayrıldı. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi yalnız sığorta-pensiya məsələlərini əhatə edir. Amma anadangəlmə əlillər dövlət sosial müavinəti alan insanlar sırasına daxildirlər. Yəni onların müavinətlərinin maliyyələşdirilməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən yox, dövlət büdcəsindən birbaşa həyata keçirilir. Məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həmin kateqoriyadan olan insanların, yəni pensiya almaq hüququ olmayan, yalnız dövlət sosial müavinəti almaq hüququ olan şəxslərin müavinətlərinin növbəti ilin dövlət büdcəsində müəyyən edilmiş məbləğlərdə artırılması nəzərdə tutulmuşdur.
Təbii ki, sığorta-pensiya sistemi ilə əhatə olunan pensiyaçıların pensiyalarının artımı yeni qanunla tənzimlənir. Həmin qanunla əmək pensiyası hüququ qazanmış şəxslərin maaşları artdıqca onların pensiyaları da müntəzəm surətdə artacaqdır. Bu, təbii bir prosesdir və qanunda öz əksini tapıb. Mən elə fikirləşirəm ki, buna uyğun olaraq sizin dediyiniz kateqoriyadan olan şəxslərin, yəni dövlət büdcəsindən dövlət sosial müavinəti alan şəxslərin müavinətlərinin artması istiqamətində də buna uyğun, proporsional addım atılacaq. Amma fikrimcə, müavinətlərin məbləğləri heç zaman pensiyaların məbləğinə gəlib çatmayacaq. Çünki pensiya qazanılmış bir hüquqdur. Bildiyiniz kimi, insanlar fərdi uçotla əhatə olunub vəsaitləri toplayacaqlar. Kim nə qədər çox vəsait toplasa, o qədər çox vəsait alacaq. Ona görə də daim bu fərq olacaq. Amma dövlətin imkanı olduqca dövlət büdcəsindən bu məqsədlər üçün vəsaitin ayrılmasını təmin edəcəkdir.
Cənab İqbal Ağazadənin verdiyi sualla bağlı olaraq. İqbal müəllim, Sizin qaldırdığınız məsələ də Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı olmayan məsələdir. Bu suala, yəqin ki, müvafiq qurumlar cavab verərlər. Çünki Dövlət Sosial Müdafiə Fondunda əmək haqları, yaxud ünvanlı dövlət sosial yardımı deyil, yalnız əmək pensiyaları ilə bağlı məsələlərə baxılır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Pənah Hüseynin sualları birinci məsələyə aid idi. İkinci məsələni səsə qoyaq, sonra maliyyə nazirindən xahiş edərik, suallara cavab verər. Xahiş edirəm, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 99
Əleyhinə 6
Bitərəf 1
Səs verməd 1
İştirak edir 107
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Pənah Hüseynin suallarına, Samir müəllim, Siz cavab verirsiniz? Samir Şərifov.
S.Şərifov. Çox sağ olun, cənab Sədr. Burada bir neçə sual verildi. Onlardan birincisi müəllimlərin maaşlarının 25 faiz artımla verilməsi əvəzinə guya 20 faiz artımla verilməsi barədə idi. Bizim bu barədə heç bir məlumatımız yoxdur. Əlbəttə, biz bu məsələni yoxlayıb müvafiq tədbir görə bilərik. Amma 25 faiz artım nəzərdə tutulubsa, bu, həyata keçirilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu artımlar həm Maliyyə Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vahid tarif cədvəli ilə müəyyənləşdirilir. Yəni artım həyata keçirildikdə vahid tarif cədvəlinə uyğun olaraq hesablanıb müəllimlərə verilir. Bu işə Təhsil Nazirliyi də nəzarət edir. Amma biz bu məsələni yoxlayacağıq, baxacağıq görək orada nə problem var.
İnvestisiya proqramının təqdim olunması ilə bağlı biz razılaşdıq ki, hörmətli Heydər Babayev çıxış edəcək.
Digər sual yerli büdcələrin hazırlanması ilə bağlı idi. Mən sualı o qədər yaxşı başa düşmədim. Deyəsən, belə bir fikir deyildi ki, bunlar bu prosesdə iştirak etmirlər. Tamamilə həqiqətdən uzaq bir bəyanatdır. Ona görə ki, büdcələr mərkəzdə yerlərdən gələn sifarişlər əsasında formalaşdırılır. Bu prosesdə yerli icra hakimiyyətləri, yerli orqanlar və Maliyyə Nazirliyinin yerlərdə yerləşən maliyyə orqanları iştirak edir.
Prezident tərəfindən imzalanmış proqramın Sabirabad rayonunda yerinə yetirilməməsi ilə bağlı fikirlər səsləndirildi. Həmin proqramlarda həm icraçı təşkilat, həm də onun maddi təminatını təşkil edən təşkilatlar göstərilir. Tədbirlərin bir qismi Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına, digər qismi isə burada qeyd olunduğu kimi, dövlətə məxsus səhmdar cəmiyyətlər tərəfindən onların maliyyə vəsaiti hesabına maliyyələşdirilməlidir. Söhbət rayonlarda da fəaliyyət göstərən Azəriqaz, Azərenerji, Azərsu kimi təsərrüfat hesablı təşkilatlardan gedir. Mən bilmirəm, nəyə görə onların maliyyə təminatı yoxdur. Dövlət büdcəsi hesabına hər hansı bir tədbirin maliyyələşdirilməsi planlaşdırılıbsa, dövlət büdcəsi hesabına bu vəsait ayrılır. Hörmətli cənab Sədr, mən bu sualları cavablandırdım. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Heydər Babayev.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Çox sağ olun, cənab Sədr. Çox qısaca fikrimi deyim. İnvestisiya proqramı ilə bağlı olan sual təəccüb doğurur. Çünki bütün büdcə sənədləri Milli Məclisə, təbii ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim olunmuş və həmçinin investisiya proqramı ilə bağlı bütün tələblərə riayət edilmişdir. Yəqin ki, detallardan söhbət gedir. Bu gün İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə ünvanlanan çoxsaylı müraciətlərdə çox rəqəmlərin dəyişdirilməsi təklif olunur və hökumət bununla bağlı müzakirələri hələ də davam etdirir, o cümlədən cənab Prezidentlə məsləhətləşmələr olacaq. Ancaq bir şeyi demək istəyirəm ki, biz göstərilən istiqamətlərdən və proqramlardan kənara çıxmayacağıq.
Sədrlik edən. Yəni verilən təkliflər həddindən çox olduğu üçün ayrılan məbləğ ilk növbədə prioritet istiqamətlərə yönəldiləcək. Çox sağ olun.
Büdcə sənədləri paketinin 3-cü məsələsinə keçirik. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihəsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu qanun layihəsi barədə büdcə müzakirəsi zamanı məlumat vermişdim. Müvafiq qurumların, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin məsul işçiləri də bu barədə fikirlərini bildirmişlər. Müzakirələr prosesində edilən təkliflər bir daha araşdırılmış və onların gələcək illərin büdcəsində nəzərə alınması qərara alınmışdır. Bu il üçün yaşayış minimumunun həddi büdcə layihələrində nəzərə alınmışdır. Ona görə də təklif edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirilsin.
Sədrlik edən. Sağ olun. Münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 97
Əleyhinə 7
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və  dəyişikliklər edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir daha təkrar edirəm ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və  dəyişikliklər edilməsi barədə məsələ keçən büdcə müzakirələri zamanı ətraflı işıqlandırılmış, müvafiq tövsiyələr edilmiş və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən qanuna müəyyən əlavə və dəyişikliklər təklif edilmişdir. Təklif edərdim ki, qanun layihəsi səsə qoyulsun.
Sədrlik edən. Sağ olun. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 13.25 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi barədə keçən dəfə məlumat vermişdim. Deputatların onunla bağlı təklifi olmamışdır. Komissiyamızın adından xahiş edirik ki, bu qanun layihəsinə müsbət rəy bildirilsin.
Sədrlik edən. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 98
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 2
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Cənab Sədr, bu qanun layihəsi ilə bağlı təkliflər olmamışdır. Xahiş edirəm, səsə qoyasınız.
Sədrlik edən. Sağ olun. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və  dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi Milli Məclisin iclasında geniş müzakirə obyektinə çevrildi. Cənab Prezident tərəfindən təqdim olunan qanun layihəsinin dörd maddəsində dəyişikliklər nəzərdə tutulur. Ən çox mübahisə doğuran məsələlərdən biri “Dövlət rüsumu haqqında” Qanunun 14-cü maddəsi ilə əlaqədar idi. Bizə təqdim olunmuş layihənin əvvəlki variantında göstərilirdi ki, Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsinə görə 24 manat, beş iş günündən qısa müddətdə verilməsi və ya dəyişdirilməsinə görə isə 40 manat rüsum ödənilməlidir. Bu müddəa müzakirələrə səbəb oldu. Son variantda belə təklif olunur ki, Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsinə görə 40 manat, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verilməsinə və ya dəyişdirilməsinə görə də 40 manat rüsum ödənilsin. Yəni bu, ciddi dəyişiklikdir.
Milli Məclisdə səslənən fikirlər nəzərə alınmışdır. İcra aparatının əməkdaşlarının fikirlərinə görə, təqdim edilən variant bu gün üçün məqbul sayıla bilər. Digər dəyişikliklər barədə təkliflər olmamışdır. Mən bizim komissiyamızın adından təklif edirəm ki, buna da müsbət münasibət bildirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Cənab Sədr, Ziyad müəllimin qeyd etdiyi kimi, Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsinə görə müəyyən edilən rüsumla bağlı millət vəkillərinin burada çoxlu sayda fikirləri, təklifləri, iradları olmuşdur. Müzakirə başlamamışdan əvvəl bir neçə millət vəkili mənə müraciət edib bildirdi ki, ümumvətəndaş pasportlarının verilməsi müddətinin dəyişdirilməsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun predmetidir. Burada mən tam məsuliyyətlə deyirəm ki, heç bir dəyişiklik yoxdur. Amma rüsum məbləğinin aşağı salınması ilə bağlı razılıq əldə edə bilmədiyimizə baxmayaraq, mənim və o cümlədən bir neçə millət vəkilinin təklifləri qəbul olunub, xüsusən xəstəliklə, ölümlə və digər müstəsna hallarla əlaqədar olaraq, pasportun qısa bir müddət çərçivəsində verilməsi məsələsi öz həllini tapıb. Buna görə mən Maliyyə Nazirliyinə və hökumət nümayəndələrinə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sual vermək üçün yazılan millət vəkilləri var. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis üzvləri, hörmətli hökumət təmsilçiləri! Mənim də elə qaldırmaq istədiyim məsələ konkret olaraq 14.1.2-ci maddə ilə əlaqədardır. Həqiqətən də, ötən dəfə ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı çox ciddi müzakirələr getdi. Amma indi dəyişiklik daha yayğın, daha qeyri-hüquqi, məmurdan asılı vəziyyətə salınıbdır. Hər iki halda 40 manat rüsum ödəmək tələb olunur. Qısa müddətdə pasport almaq istəyən adam, yəqin ki, özünün və ya qohumunun xəstəliyini sübut eləyən kağızlar gətirməli olacaqdır. Bu subyektivizmdir. İlk öncə bundan dövlət büdcəsi ziyan çəkəcək. Yəni pasportu hazırlayan idarə onu iki günə də versə, 40 manat, bir aya da versə, 40 manat rüsum alacaq. Burada optimal variantlar var idi. Cənab maliyyə naziri bu məsələyə bir diqqət eləsin. Onların idarə rəisi burada bu qanunu müdafiə edirdi.
İkinci. Burada apteklərlə bağlı məsələ qoyulmuşdu ki, kənd yerlərində əyalət səviyyəsində bir aptek açmaq üçün 500 manat dövlət rüsumu ödəmək lazım gəlir. Bu, həddindən artıq böyük rəqəmdir. Bu məsələyə də aydınlıq gətirilsin.
Üçüncü. Cənab Prezident çox mühüm bir zamanda dövlət komitəsinin yaradılmasına keçid elədi. İstərdim ki, hökumət üzvləri buna münasibət bildirsinlər. Azərbaycan hökuməti əmək bazarının qorunması üçün miqrantlara qarşı müəyyən limitin tətbiq olunmasına hazırlaşırmı? Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Bizim hamımıza məlumdur ki, dövlət büdcəsinə gəlirlərin təmin olunmasında dövlətin, hökumətin rüsum siyasəti mühüm yerlərdən birini tutur və hamımıza da bəllidir ki, bu gün Azərbaycanda daşınmaz əmlakın alğı-satqısı üzrə hər gün minlərlə əqdlər imzalanır. Lakin daşınmaz əmlakın alğı-satqısı sahəsində səmərəli rüsum siyasəti yeridilmir. Mən çıxışımda da demişdim. Satışa çıxarılan əmlakın dəyərindən asılı olmayaraq eyni cür rüsum tətbiq olunub. İstər bir milyon manatlıq əmlak bazara çıxarılsın, istər 10 min manatlıq. Hər iki əmlak üzrə eyni dərəcədə rüsum alınır. Bu yolverilməzdir.
Mən hökumətin bununla bağlı mövqeyini bilmək istəyirəm. Bu siyasətə niyə yenidən baxılmır və niyə dəyişdirilmir? Axı, biz bunu dəyişməklə büdcəyə xeyli vəsaitin daxil olmasına nail ola bilərik.Yaddan çıxarmayaq ki, daşınmaz əmlakın alğı-satqısı ilə bağlı əqdlərdə iştirakçılardan bir hissəsi bəzən xarici vətəndaşlar və ya xarici şirkətlər olur. Ona görə də mən istərdim, hökumət buna diqqətlə yanaşsın. Hər halda hökumətin müvafiq qurumlarının, nazirliklərinin bununla bağlı mövqeyi Məclisə açıqlansaydı, biz də bilərdik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Keçən dəfə biz 14.1-ci maddə, yəni ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı məsələni çox ciddi şəkildə müzakirə elədik. Həmkarım Zahid Oruc da qeyd etdi, biz bunu təkmilləşdirmək istəyirdik. Amma bu, təkmilləşdirilməkdənsə, daha pis vəziyyətə salınıb. Müddəaya bax: “Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 gün müddətində verildikdə və ya dəyişdirildikdə...” Əvvəla, 2 gün lazım olacaq ki, bu sənədləri o adam yığsın. Məmurlar da biləcəklər ki, bu sənəd nə üçün lazımdır, bir az da onlar süründürəcəklər. Bu nəyə lazımdır? İndiyə qədər bir ay müddət var idi və kim o bir ay müddətindən tez pasport almaq istəyirdisə, məmura ən azı 150 dollar ödəməyə məcbur olurdu. İndi deyirik ki, bu pul qoy dövlətin büdcəsinə keçsin. O zaman biz niyə o maddəyə bu qədər bənd əlavə edirik? Hazır o bəndi təkmilləşdirə bilməzdikmi? Vətəndaş 5 gün müddətində pasport almaq istəyirsə, bu pasportu nə üçün alır və ya nə üçün dəyişdirir, dəxli yoxdur, 40 manat yox, 60 manat ödəsin. Bu 60 manat da dövlət büdcəsinə keçsin, həm büdcə qazansın, həm də vətəndaş süründürməçilikdən qurtarsın. İndi tutaq ki, mən təcili pasport almaq üçün gedəcəyəm, biri deyəcək ki, bilirsiniz, bu, təcili müalicə deyil, amma təcili almaq üçün bunu ver. Biri deyəcək, qohumunun sənədini göndər, görək o, doğrudan, orada ölüb, ya ölməyib. Biz bunu daha da çətinləşdiririk. Mən çox xahiş edirəm, bu məsələyə bir də baxaq, bunu bir az da konkretləşdirək. Kim pasportu təcili, yəni 5 gün müddətində almaq istəyirsə, 60 manat ödəsin, dövlətin büdcəsinə 20 manat da artıq getsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məndən öncə hörmətli həmkarımız Qənirə xanım çıxış elədi. Mən bu məsələnin parlamentdə müzakirəsi zamanı öz fikrimi bildirmişdim. Ona görə də indi həmkarlarımın mənim fikrimlə üst-üstə düşən fikirlərini müdafiə edirəm. Bizim səhiyyəyə, elmə, təhsilə bu qədər vəsaitin tələb olunduğu bir vaxtda bu müddəanın buradan çıxarılması doğru deyil. Onsuz da bizim əhalinin 90 faizi, – mentalitetimizdən irəli gələn bir cəhətdir, – gözləyir-gözləyir, son anda lazım olanda gedir deyir: “tez ol, mənə pasport ver”. Hamı da bilir, Qənirə xanım da burada qeyd elədi, mən də demişdim, millət vəkilləri də çıxışlarında bildirmişdilər ki, Azərbaycanda pasportlar 150 dollara verilir. Bu vəsaiti büdcədən kənarda saxlamağın nə mənası var? Ona görə mən də təklif edirəm, hökumət üzvləri qoy izahat versinlər ki, niyə o müddəanı oradan çıxarıblar? Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu mentaliteti dəyişməliyik. Niyə gözləyib, pasportu son anda almalıyıq? Özümüz də boynumuza alırıq ki, mentalitetimiz belədir. Pənah Hüseyn.
P. Hüseyn. Məndə bu, təkrar sual olacaq. Amma bir qədər açıq vermək istəyirəm. Çox böyük şübhə var ki, kimlərsə bunu təşkil ediblər. Yəni konkret olaraq həmin o 150 dolları alan adamlar təşkil eləyiblər. Şöbələr də izahat versinlər. Çünki deputatlar tərəfindən belə təklif olmayıb. Bu nə isə özfəaliyyətdir. Bu təklifin müəllifi çıxsın ortalığa ki, görək, belə bir təklifi kim verib. Mən də o təklifə qoşuluram ki, 5 gün müddətində verilirsə… 120 manatı da hətta saxlamaq olar. Hamı bilir ki, ondan aşağı heç kəsə, hətta deputatlara da təcili pasport verən yoxdur. Bu da hamımız üçün aydın məsələdir.
Oqtay müəllim, çox üzr istəyirəm, hörmətli cənab iqtisadi inkişaf nazirindən xahiş edirəm, büdcə paketində investisiya proqramları layihəsini mənə göstərsin. Ola bilər, mən savadsızam, o sənədi tapmamışam. Elə bir sənəd yoxdur.
Sədrlik edən. Sual verdiniz, göstərərlər. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Mən keçən dəfə çıxış eləməmişdim. Amma mənə də çox təəccüb gəlir və mən, sadəcə olaraq, Qənirə xanım Paşayevanın və başqalarının dediyinə qoşuluram. 14.1.2-ci maddəyə münasibət çox mənfidir. Mən onu populist hesab edirəm. Bu variant çox kobud səhvlərə gətirəcək. Mən keçmiş variantı bəyənirdim. O 120 manatın da o qədər əleyhinə deyildim. Qoy qalsın, qoy bu pullar dövlətin büdcəsinə axsın. Ona görə 14.1.2-ci maddəyə mütləq təzədən baxılmalıdır.
Hörmətli Musa müəllim Quliyev keçən dəfə əczaçılıq, dərman bitkiləri ilə bağlı çox qiymətli təkliflərlə çıxış eləmişdi. Onlar nəzərə alınıb, ya yox? Çünki rüsum çox böyük idi. Onu bir az başa düşmədim. Çox sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də bu məsələ ilə əlaqədar öz fikrimi konkret bildirmək istəyirəm. Doğrudan da, qanunu biz ancaq o vaxt təsdiq eləyə bilərik ki, burada vətəndaşlarımız ziyan çəkməsinlər, vətəndaşlarımız üçün yaxşı şərait yaradılsın. Hansısa bir tikinti sahəsində, ola bilər, deyəsən ki, bu məsələni 3 günə həll eləsən, rüsumun məbləği bu qədər olacaq, bir həftəyə eləsən, bu qədər. Burada isə vəziyyət başqa cürdür. Pasport tez verilirsə, nə səhifənin qalınlığı artır, nə rəng dəyişir, nə də başqa bir şey olur. Konkretlik olmalıdır. Konkret bu müddət ərzində verilsin. Hansı dövrdə yaşayırıq? XXI əsrdir. Pasport vermək dünyada 2 saatlıq bir işdir. Müddətlərin artması, digər sənədlərin tələb olunması burada neqativ halların ortaya çıxmasına gətirib çıxarar. Ona görə də burada konkretlik öz əksini tapmalıdır. Bu pasport idarəsinin bir müdiri var, Corc Buşu tapmaq onu tapmaqdan daha rahatdır. Bu idarənin qapısı vətəndaşın üzünə həmişə açıq olmalıdır. Vətəndaşlar istədikləri vaxt müraciət eləyib bu vəsiqəni almalıdırlar. Ona görə lazımdırsa, bu idarədən bir neçəsi yaradılmalıdır. Bu elə bir texnika deyil və bütün insanların ondan başı çıxır. Ona görə də mən hesab edirəm, bu qanuna bir daha baxılmalı və buna əlavələr olunmalıdır.
İkinci, daşınmaz əmlak rüsumları və vergiləri ilə əlaqədar. Keçən dəfə burada məsələ qaldırmışdım ki, ölkənin müxtəlif ərazilərində, müxtəlif yerlərində müxtəlif daşınmaz əmlaklara malik insanlar var və bu insanlar malik olduqları heç bir əmlakın vergisini, rüsumunu ödəmirlər. Ona görə də Azərbaycanın yararlı torpaqları, otlaq sahələri, vətəndaşların pay torpaqları getdikcə qəsrlərə, villalara, malikanələrə çevrilir. Bununla bağlı hökumətin hansı tədbirləri var və hansı rüsum siyasəti yeridilir ki, bunun qarşısı alınsın, dövlət büdcəsinə vergilər toplansın? Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Möhtərəm Sədr, mənim bir sualım var. Ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı müddəanın yenidən Milli Məclisə bu şəkildə qaytarılması mənim üçün anlaşılmazdır. O niyə bizə bu şəkildə qaytarılıb?
Sədrlik edən. Başqa sual yoxdur? Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən çıxışa yazıldım ki, bu məsələyə bir qədər aydınlıq gətirim. Bəri başdan deyim ki, pasportların verilməsinin müddəti ilə bağlı sualları, təbii ki, hökumət cavablandıra bilməyəcək. Bu, başqa bir qanunun, yəni “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun predmetidir. Bunun üzərində Prezident Aparatı Daxili İşlər Nazirliyi ilə birlikdə işləyir. Bu gün Maliyyə Nazirliyinə o müddətlərlə bağlı suallar verməyin mənası yoxdur, çünki onlar bu işlə məşğul olmurlar.
Amma rüsumla bağlı, əslində, keçən dəfə də, cənab Sədr, bu gün olduğu kimi, hörmətli həmkarlarım ziddiyyətli fikirlər səsləndirdilər. Belə bir fikir səsləndi ki, rüsumun 120 manat olması rüşvəti qanuniləşdirir. Bu gün də təxminən buna oxşayan başqa bir ziddiyyətli fikir səslənir. 14.1.2-ci maddə ilə bağlı mənim fikrimi bilmək istəyirsinizsə, pasportun 5 gün müddətində verilməsi üçün 120 manat rüsum ödənilməsi mütərəqqi təklif idi, çıxarılıb. İndi də başqa bir mütərəqqi təklif verilir. Təklif olunur ki, xəstəliklə bağlı təcili lazım olanda pasport iki gün müddətində verilsin. Buna indi hökumət üzvləri nə eləsinlər? Mən o fikirdəyəm ki, heç olmasa, 14.1.2-ci maddəni burada saxlamaq lazımdır. Amma hökumət pasportun 5 gün müddətində verilməsi üçün 120 manat ödənilməsi ilə bağlı fikrə münasibət bildirsə, aydınlıq olar.
Bununla belə, mən yenə hesab edirəm ki, layihənin son variantındakı 14.1.2-ci maddə mütərəqqi bir müddəa, mütərəqqi bir təklif olduğu üçün saxlanmalıdır. Xahiş edirəm, nəzərə alasınız.
Sədrlik edən. Həqiqətən, bu qanun iki dəfə müzakirə edildi və hər dəfə çox ziddiyyətli fikirlər səsləndi. Bəziləri dedilər ki, rüsum 60 manat olanda tamam başqa rüşvət yolu açılır. Biz çalışırıq hər işdə neqativ cəhətlər axtaraq. Ona görə bəzi məsələlərin müzakirəsi bu qədər uzanır. Maliyyə nazirinə də qulaq asaq, ondan sonra səsə qoyarıq.
S. Şərifov. Maliyyə naziri kimi deyə bilərəm ki, büdcəyə nə qədər çox vəsait daxil olsa, o qədər yaxşı olar.
Sədrlik edən. Tamamilə düzdür. Mən də elə hesab edirəm ki, pasportun tez verilməsi üçün 120 manat rüsum qoyulması düzgündür. “Dövlət rüsumu haqqında” Qanuna bu maddənin əlavə olunması kömək edər ki, Siyavuş müəllimin dediyi kimi, mentalitetimiz də bir az dəyişsin, pasportları vaxtında alaq ki, sonra tələsik olub, 120 manat dövlət rüsumu ödəməyək. Yenə suallar var? Yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy gözəl təklif eləyir, ikisi də qalsın. Həm müstəsna hallarda təcili pasport almaq istəyənlər üçün, həm də pasport alarkən, sadəcə olaraq, müəyyən müddəti gözləmək istəməyənlər üçün. Xahiş edirəm, bu təklifə münasibətinizi bildirin. Axır ki, biz Pənah bəylə konsensusa gəldik.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Keçirik növbəti məsələyə. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Cənab Sədr, bu barədə keçən dəfə deputatlar tərəfindən heç bir təklif olunmadı, layihə bəyənildi. Xahiş edirəm, millət vəkilləri münasibətlərini bildirsinlər.
Sədrlik edən. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, Sizin əlavəniz yoxdur? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə  89
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Öncə səs verdiyimiz məsələ bu qanunla bağlı olduğuna görə bir dəqiqləşdirmə aparmaq istərdim. Cənab Sədr, həqiqətən, 14-cü maddədə dövlət rüsumu ilə bağlı konsensus adlandırdığınız məsələ ədalətli həllini tapdı. Amma stenoqramda olsun deyə, xahiş edirəm, nəzərə alaq ki, onda həmin maddədə üç bənd olur: 14 1.1-ci, 14.1.2-ci və 14.1.3-cü bəndlər. Yəni 14.1.1-ci, 14.1.2-ci bəndlər layihədə olduğu kimi qalır və buraya pasportun 5 gün müddətində alınması üçün 120 manat rüsum ödənilməsi barədə 14.1.3-cü bənd əlavə edilir. Xahiş edirəm, bu, stenoqramda olsun.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna edilən əlavə keçən dəfə müzakirə olundu və millət vəkilləri tərəfindən dəstəkləndi. Söhbət ümumvətəndaş pasportlarının müddətinin 10 ilə qədər uzadılmasından gedir. İndiyə qədər bu müddət 5 il idi. Hesab edirəm ki, bu çox mütərəqqi dəyişiklikdir. Millət vəkilləri bu qanun layihəsini ancaq dəstəkləmişlər. Ona görə bu məsələyə səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Mən bu məsələ ilə bağlı bir şeyi dəqiqləşdirmək istəyirəm. Qanun layihəsinin ikinci hissəsində göstərilir ki, bu qanun qüvvəyə mindiyi günədək verilmiş ümumvətəndaş pasportları və xidməti pasportlar həmin pasportlarda göstərilən müddət bitənədək etibarlıdır. Bu müddəa, təbii ki, xidməti pasportlar barəsində saxlanıla bilər. Amma ümumvətəndaş pasportlarının müddətinin, mən hesab edirəm ki, 10 ilədək uzadılması məsələsini qoymalıyıq.
Burada qeyd olundu ki, pasportların alınması necə prosedurdur. Mən çox üzr istəyirəm, Azərbaycanda başqa ölkələrdən fərqli olaraq at sürüsü kimi pasport növbəsinə durma prosesini hamımız müşahidə edirik. Çox acınacaqlı bir haldır.
Sədrlik edən. Xahiş edirəm, sözünüzə fikir verin. Hər dəfə niyə millət haqqında belə kobud ifadələr səslənməlidir? Millətimiz haqqında danışarkən bir az diqqətli olun, xahiş edirəm. Bura Milli Məclisdir.
F. Mustafayev. Səhər saat 4-dən günorta saat 12-yə qədər ac-susuz adamlar pasportu qeydiyyatdan keçirmək üçün növbəyə dururlar. Çox acınacaqlı bir səhnə yaşanır orada. Bunu, yəqin ki, bilənlər bilir. Nəzərə alın ki, bu, insan mentalitetinə uyğun olan düzənnəmə deyil. Bu baxımdan hesab edirəm ki, ümumvətəndaş pasportu olan insanların əlavə xərci çıxmasın deyə, bu pasportların etibarlılıq müddətinin 10 ilədək uzadılması istiqamətində bir tədbir görülməsi vacibdir. Yenidən insan niyə gedib pul ödəyib pasport almalıdır? Əgər qanunda başqaları üçün 10 il müəyyən olunursa, bunun hamıya şamil edilməsi yolunu tapmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 91
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyin 11 və 12-ci məsələləri “Sosial sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara əlavə və dəyişikliklər barədədir. Hörmətli nazir çıxışında bunları qeyd elədi. Əgər suallar yoxdursa, xahiş edirəm, “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Cənab Sədr, hörmətli həmkarlarımın bu məsələ ilə bağlı təklifləri və iradları olmamışdır. Ona görə səsə qoyulmasını xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Cənab Sədr, hörmətli millət vəkilləri, bu qanun layihəsi barədə də təkliflər və iradlar olmamışdır. Ona görə xahiş edərdim ki, ona müsbət münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəlikdə iki məsələ qaldı. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında. Etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin. Milli Məclisin büdcəsinə çox diqqətlə yanaşılmışdır, çox sağ olsunlar.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Qəbul olundu, çox sağ olun.
16-cı məsələ. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il xərclər smetası haqqında. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin və dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirələri və təsdiqi başa çatdı. Bu gərgin işinizə görə hamınıza minnət darlıq edirəm. Hökumət nümayəndələrinə də təşəkkürümü bildirirəm. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU