01.02.2016 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 8

Milli Məclisin iclas salonu.
1 fevral 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin 2016-ci il yaz sessiyasının qanunvercilik işləri planı haqqında.
5. Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq  və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşdirilməsi haqqında” Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Birləşmiş Millətlər Təşkilatının Malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşagıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Aydın Mirzəzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Milli Məclisinin 2016-ci il yaz sessiyasının qanunvercilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Azay Quliyev, Əli Məsimli, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Musa Quliyev, Məlahət İbrahimqizi, Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Əflatun Amaşov, Sahib Alıyev, Rəşad Mahmudov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Prezidentinin  və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Hikmət Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq  və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşdirilməsi haqqında” Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

9. “Birləşmiş Millətlər Təşkilatının Malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov,  Ziyad  Səmədzadə,  Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

13. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

14. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

1 fevral  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. 2016-cı il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublkasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, bu gün dörd çağırış Milli Məclisin deputatı, böyük alim, siyasi xadim Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib. O, bizim həmkarımız olub. Xahiş edirəm, onun xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)
Hörmətli həmkarlar, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 105
Nəticə: Qəbul edildi

Sağ olun, gündəlik təsdiq olundu.
Gündəlikdə 16 məsələ var. Xahiş edirəm, bu gün gündəliyi müzakirəsiz keçirək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Daxili Nizamnamənin 41-ci maddəsinə uyğun olaraq biz hər il İntizam komissiyasının tərkibinə yenidən baxırıq. Siyahı sizdə var. Nə təklif var? Siyahıya münasibət necədir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, bu tərkibə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, yeni tərkib təsdiq olundu.
İkinci məsələ Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Bu komissiyanın tərkibinə də Daxili Nizamnamənin 40-cı maddəsinə uyğun olaraq hər il yenidən baxılır. Siyahı sizdə var.  Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

Təsdiq edildi, çox sağ olun.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqındadır. Bildiyiniz kimi, keçən dəfə növbədənkənar iclasda qərar qəbul elədik ki, millət vəkilləri iki komitənin üzvü ola bilərlər və bu, yeni siyahıdır. Aydın Mirzəzadə yazılıb, görək nə sözü  var.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. İlk növbədə, bütün həmkarlarımı yeni sessiyanın başlaması münasibəti ilə təbrik edirəm və Milli Məclisə fəaliyyətində uğurlar arzulayıram. Bir deputatın iki komitənin üzvü olması gözəl ideyadır. Biz bunu dəstəklədik və hesab edirəm ki, bu, komitələrin işinin canlanmasına səbəb olacaq.
Amma mən belə hesab edirəm ki, komitə sədrinin digər komitənin üzvü olması düzgün deyil. Bu mənim şəxsi fikrimdir. Digər komitənin işi ilə əlaqədar işləyə, ona dəstək verə bilər. Komitə sədri Milli Məclisdə sədr, sədr müavinlərindən sonra üçüncü statusdur. Kifayət qədər yüksək statusdur. Yüksək statuslu bir şəxsin digər komitəyə üzv olmasını mən düzgün hesab eləmirəm. Bununla belə, layihəyə səs verəcəyəm, çünki bu onların seçimidir. Təşəkkür edirəm.
Sədrlik edən. Aydın müəllim, komitə sədri olsun, ya olmasın, o, Milli Məclisin deputatıdır. Qərar qəbul eləmişiksə, hər birinin ixtiyarı var ki, istədiyi komitəyə seçilsin. Yalnız bizdə deyil, dünyanın bütün parlamentlərində bu var. Başqa fikir yoxdursa, xahiş edirəm, qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Dördüncü məsələ Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Hamınızı sessiyanın başlaması münasibəti ilə təbrik edirəm. Çox mühüm bir ilə daxil olmuşuq. Cənab Sədr, hörmətli Prezident yanvar ayı ərzində 3 mühüm müşavirə keçirdi və bunların başlıca qayəsini dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yeni açılan iş yerləri və sair təşkil edirdi.
Verilən tapşırıqlar, hökumətin qarşısında qoyulan vəzifələr hər birimizə bəllidir. Amma istəyirəm ki, cənab Prezidentin bir çağırışına Azərbaycanın tanınmış bir yazıçısının mövqeyini burada səsləndirim. Çingiz Abdullayev detektiv yazarlar sırasında kitablarının tirajı milyonu keçən çox ünlü qələm adamlarımızdan biridir. Bu şəxs Azərbaycanda da sevilir, dünyada da onun tərəfdarları çoxdur. Bu yaxınlarda o, “4 uşaq atasını mən necə işdən çıxarım” deyə bir   açıqlamada bulunmuşdu. Mənə elə gəlir ki, hörmətli Çingiz müəllimin bu mesajı insanları işindən məhrum edərkən hər kəsi diqqətli olmağa çağırır. Bundan öncə söylədiyim kimi, cənab Prezident bu istiqamətdə daha mühüm tapşırıqlarını vermişdi.
Mən əminəm və ümidvaram ki, hörmətli Çingiz müəllim mənim bu sözlərimdən inciməz. Çingiz Abdullayevin özü 4 vəzifə daşıyır. Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun rəhbəri, “PEN-Klub”un prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir. Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz ki-tabları ilə yaxşı yaşaya bilər. Bunu dəfələrlə nümayiş etdirib və ona görə də ehtirama layiqdir.
Mən hesab edirəm ki, Çingiz müəllimin bu açıqlaması özünə də, iki və üç vəzifə tutan parlament üzvlərinə də, məmurlara da aiddir. Heç kimə sirr deyil ki, nazirin auditoriyada dərs aparması qeyri-mümkündür. Bu mənada hesablamışam ki, ən azından 1000 vəzifə yeri buradan yarana bilər. Qoy bu iş Çingiz müəllimdən başlansın, parlament üzvləri və məmurlarla davam etdirilsin. Gündəmə gətirmək istədiyim birinci məsələ bundan ibarət idi.
İkinci, hörmətli cənab Sədr, işğaldan sonra, təbii ki, Azərbaycan insanları faciəmizi müxtəlif ədəbi əsərlərə, kinolara və sairə daşıdılar. Bu, başa düşülən idi. Amma bəzi adamlar da “Şuşa”nı, “Ağdam”ı, “Xankəndi”ni şadlıq evlərinin üstünə, restoranlara, xidmət sektorlarına köçürdülər. Biz son dövrdə hər məsələni devalvasiya kontekstində anlamağa başlamışıq. Mənə elə gəlir ki, bu, müqəddəs adları devalvasiya etdirməkdir. Biz “Şuşa” adını bir yerə qoymaqla sanki ona gedib çatacağımızı elə o restoranda açdığımız süfrə ilə başa vururuq. Burada o adın nə qədər təhrifə uğraması məsələnin bir tərəfi olsa da, o biri yandan biz o hədəflərə doğru çatmaqda ideoloji, mənəvi qurulmalarımızdan özümüzü məhrum edirik. Mən hesab edirəm ki, parlamentin, məsələn, Azərbaycan Respublikasının adı ilə bağlı çox mühüm qanunvericilik müddəaları var ki, harada qadağandır və sair. Şuşa və ümumiyyətlə, işğal bölgəsi ilə bağlı bizim üçün müqəddəs sayılan adların hamısı bu cür yerlərdən yığışdırılmalıdır.  Biz onu qadağan eləməliyik. Bir daha deyirəm ki, kim isə buna adi bir hadisə kimi baxa bilər, amma mən istəmirəm. Vaxtım gedir, tarixdən nümunələr deyə bilərəm ki, başqa xalqlar necə ediblər.
Cənab Sədr, qaldırmaq istədiyim üçüncü məsələ Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu ilə bağlıdır. Xatırlayırsınızsa, biz parlamentdə həmin qurumun rəhbərinə Baş prokurorun müavini kimi səlahiyyət verdik. Onun komandasını genişləndirdik və sair. Bu yaxınlarda həmin qurum özünün illik hesabatını yayımladı. Bəlli oldu ki, ötən il 70 şəxs korrupsiya cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb olunub.
Cənab Prezident 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar  Nazirliyində  konkret şəxslərlə bağlı iradə göstərməsə idi, bizim üçün bu 70 rəqəmi yenə də ortadan aşağı ranqlı məmurlara və şəxslərə aid olmuş olacaqdı. Amma indi bəlli oldu ki, nazir də ətrafına generalları cəlb edərək oğurluq eləyə bilir. O cümlədən başqa bir qurumun aparat rəhbəri 93 milyon manat civarında vəsaitə əl qoyur. Ona görə düşünürəm ki, bu qurum, ümumiyyətlə, müstəqil olmalıdır. Bu, dünyada belədir. Cənab Prezidentin son dövrlərdə iqtisadi sistemin rahat nəfəs alması, sahibkarlıq mühitinin şəffaflaşması, sahibkarın məmura deyil, məmurun sahibkarın yanına getməsi kimi tezisləri tələb edir ki, biz o qurumun müstəqilləşməsi üçün addım ataq.
Cənab Sədr, deyəcəyim başqa bir mühüm məsələ icra hakimiyyətləri ilə bağlıdır. Bu qurumun rəhbərləri yerlərini dəyişəndə rayonların siması yaxşı mənada nə qədər dəyişirsə, o biri yandan müxtəlif qərarlara sanki yenidən baxılır. Halbuki icra hakimiyyətinin başçısı bu hakimiyyətə, bu dövlətə sidq ürəklə bağlı olduğunu göstərir. Bu yerdəyişmələr çox normaldır, şəxsin bir yerə bağlı olub orada biznes şəbəkəsi qurması və sair kimi amilləri önləmək üçündür. Çox gözəl.
Amma bu gələn adamın biri dindar, o biri ateist deyil. Biri ortodoks, o biri başqa cərəyanın nümayəndəsi deyil. Yeni gələn adam köhnənin qərarlarını niyə ləğv eləməlidir ki? Bu adam başqasının mülkiyyət aktına niyə əl qoymalıdır ki? Ümumiyyətlə, bu, qadağan olunmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda sahibkarlığın rahat nəfəs almasının səbəblərindən biri icra hakimiyyətləri ilə bağlıdır. Biz deyirik ki, ölkənin iqtisadiyyatı Bakıdan şaxələnsin. Bakının ərazisi 2000 kvadrat kilometrdir. Burada əhalinin 4 milyonu yaşayır, büdcənin 93 faizi verilir. Ölkə əhalisinin yarısı kəndlərdə, yəni 67 min kvadrat kilometr ərazidə yaşayır. Onların ÜDM-ə verdiyi töhfə çox azdır. Həm də ona görə ki, icra hakimiyyətləri investisiya cəlb eləmək əvəzinə sahibkarların qərarlarına yenidən baxmağı üstün tuturlar.
Cənab Sədr, deyəcəyim başqa bir məsələ Mənzil Məcəlləsi ilə bağlıdır. Mən bunu təklif eləmək istəyirəm. Çox sağ olun, Siz ötən dəfə dediniz ki, bu məsələdə problem var. Azərbaycanda yeni Mənzil Məcəlləsinə görə biz mənzil istismar sahələrinin hüququ statusunu qeyri-müəyyən vəziyyətdə saxlamışıq. Onlar həm var, həm də yoxdurlar. Məsələnin bəlkə də bir az formal tərəfidir, qoy olsun, onlar da işləsinlər, amma dövlət büdcəsindən hər il 500 milyon manatdan artıq vəsait ayrılır. Faktiki olaraq mənzil istismar kontoraları xüsusi bir iş görə bilmirlər. Yeni mənzil tikən şirkətlər isə bu azmış kimi, kvadratı baha qiymətə vətəndaşlara satırlar və sonra da biz 50, 100, 150 və hətta 200 manata qədər qapalı şəhərcik modellərində vəsait ödəyirik. Öz evimizdə kirayənişinə çevrilmişik.
Rusiyanı tənqid eləyirik. Amma Rusiyada bu sahədə köklü dəyişikliklər baş verdi. Çox adi bir məsələni deyim. 18-ci mərtəbədə yaşayan şəxslə 3-cü mərtəbədə yaşayanın liftə görə ödədikləri vəsait fərqlidir. Adi texniki və elementar elektrik bilikləri olanlar bilir ki, nəyi deyirəm. Ona görə mən düşünürəm ki, bu məsələdə yeni idarəetmə sisteminə keçmək, dövlətin yükünü azaltmaq gərəkdir. Bununla biz vətəndaşların verdiyi vəsaiti o binaların digər xərclərinə yönəlməsini təmin eləyə bilərik.
Sonda, cənab Sədr, bir məsələni də qaldırmaq istəyirəm. Bu, Dağlıq Qarabağla bağlıdır. Mən bunu ötən dəfə də burada qaldırdım. Dağlıq Qarabağ Muxtar Vilayəti 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə ləğv olunubdur. Onlar düşünürdülər ki, guya hüquqi qeyri-müəyyənlik yaratmaqla ermənilərlə siyasi və hüquqi davada böyük üstünlüklər əldə edəcəklər. Amma bəlli oldu ki, yox, yanılıblar. İndi işğala nə qədər təsir elədi, bu, məsələnin bir tərəfidir, amma bu gün saxta dövlət olaraq Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur. Erməni uşağı bu adla böyüyür. Bizdə isə Şuşa icra hakimiyyəti və ya icma mövcuddur, hər bir işğal rayonu ayrıdır. “Dağlıq Qarabağ” ifadəsini siyasi olaraq yaşayırıqsa da, amma bir vahid yoxdur ki, hamı onun çətiri altında toplaşsın və o ad bizdə tanınsın. Ona görə hesab edirəm ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu bərpa olunmalıdır. Bir daha qeyd eləmək istəyirəm ki, mən bunu torpaqlarımızın işğaldan azad olunması üçün bir yol kimi təklif eləmirəm, daha çox Azərbaycanın bu ada inzibati, hüquqi olaraq sahib olması naminə təklif edirəm. Diqqətinizə görə çox sağ olun. Mən qanunvericilik işləri planına səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Deməli, sonra deyəcəklər ki, Oqtay müəllim Zahid Oruca irad tutdu. Mən irad tutmuram, söz verdik, danışdınız. Ancaq mən hamınızdan xahiş elədim ki, müzakirələrsiz keçirək, siz də razılıq verdiniz. İndi siyahıda 15 nəfər yazılıb. Qanunvericilik işləri planı haqqında bir cümlə deyildi.
Həmkarlarımdan xahiş edirəm, əgər qanunvericilik işləri planını müzakirə ediriksə, o barədə danışaq. Bu müzakirələrə ehtiyac yoxdur. Onsuz da gündəlikdə 19 məsələ var. Xahiş edirəm, qanun layihələri haqqında danışaq. İstəmirəm yenə də kiməsə irad tutum. Xahiş edirəm, nəzərə alın. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanunvericilik işlər planı ilə tanış olanda bir məsələ diqqətimi cəlb elədi. İctimai nəzarət haqqında qanun layihəsini ölkə Prezidentinin son vaxtlarda bu məsələyə ciddi münasibət bildirməsindən doğan bir addım kimi qiymətləndirirəm. Amma bir şeyi diqqətinizə çatdırmaq istəyirəm ki, bizdə hansı qanun layihəsinin qabağında “ictimai” sözü varsa, o, ümumiyyətlə, işləmir. Onu qəbul eləyəndə bir mexanizm düşünməliyik.
Mən bir nümunə deyə bilərəm. “İctimai iştirakçılıq haqqında” Qanun qəbul elədik. Hamımız düşündük ki, bütün nazirliklərdə şəffaf formada ictimai şuralar yaradılacaq və orada məsələlər müzakirə olunacaq, ictimaiyyətə çatdırılacaq. Amma mənim bildiyim qədər əksər nazirliklərdə bu ya yaradılmadı, ya da gizli şəkildə yaradıldı. Bir əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Səlim Müslümov tərəfindən mətbuata açıq şəkildə bildirildi ki,  bizdə ictimai şura yaradılıb, hansı QHT-lər bura daxildir, hansı məsələləri müzakirə edirik. Ona görə də “ictimai nəzarət” və “ictimai iştirakçılıq” adlarının, əslində, populizmdən başqa bir şeyə xidmət eləmədiyini görürük. Biz buna daha çox diqqət yetirsək, bu cür qanunların daha çox faydası ola biləcəyini düşünürəm. Ona görə də bu qanun əgər müzakirəyə çıxarılacaqsa, buna baxmalıyıq.
Elm haqqında qanun layihəsi dəfələrlə gündəmə gətirilir. Minlərcə insan bunu gözləyir. Bu qanunu qəbul edəcəyiksə, müzakirəyə çıxaraq, etməyəcəyiksə, insanlara nahaqdan ümid verməyək. Qalacaqsa, payızda bunu gündəmə gətirək. Bu baxımdan Elm haqqında qanunun bu sessiyada mütləq qəbul olunmasını təklif edirəm. Bunu ertələmək, təxirə salmaq tamamilə yanlış addım olardı.
Burada Kinematoqrafiya haqqında qanun layihəsi də var.  Ümumiyyətlə, bütövlükdə kino ilə bağlı qanun layihəsi vermək lazımdır. Nə baxımdan? Teleserialların çəkilməsinə xeyli vəsait ayrıldı, amma keyfiyyətli, normal bir teleserial ortaya qoyulmadı. Bu qədər pul hara getdi? Kino sənətinin inkişafı üçün addımlar atılmalıdır, daha çox vəsait ayrılmalıdır. Kinostudiyanın koridorlarına girəndə adam xəcalət çəkir. Başqa ölkələrdə belə kinostudiyalar görməzsən. Tökülüb, dağılıb, vəsait yoxdur deyə təmir eləyə bilmirlər. Ona görə bura vəsait ayırıb kino sənətinin səviyyəsini qaldırmaq lazımdır.
İşlər planında Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsi verilib. Bu layihə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta xoşumuza gəlməsə, dini, milli mentalitetimizə uyğun olmasa belə, cəmiyyətdə real hansı ictimai münasibətlər varsa, biz bunu mütləq qəbul eləməliyik ki, insanlar qeyri-qanuni vasitələrlə sağlamlıq problemlərini həll etməyə çalışmasınlar. Çünki bu, olduqca vacib məsələlərdən biridir.
Bir də, gözləyirdim ki, devalvasiyadan sonra əhalinin düşdüyü acınacaqlı vəziyyət, banklarla yaranan problemlər kontekstində biz bu sessiyada Rəqabət Məcəlləsini müzakirəyə çıxarıb qəbul eləyək. Ölkədə monopoliyanın, inhisarçılığın və iqtisadiyyat üzərində qeyri-qanuni nəzarətin ortadan qaldırılması üçün bu məcəllənin müddəalarının müasir dövrə uyğunlaşdırılmasına, onun qəbul edilməsinə ehtiyac var. Bu sahəyə baxan strukturların yenidən təşkil olunmasına, qanunvericilik əsasında möhkəmlənməsinə ehtiyac var.
Ölkə Prezidenti ürək yanğısı ilə deyir ki, sahibkarlarla işiniz olmasın. Ancaq dünən vergi orqanları sahibkarlardan 10 min istəyirdilərsə, bu gün onu iki-üç dəfə qaldırıblar. Artıq bunun qabağında durmaq mümkün deyil ki. Aşağıda hərə öz bildiyini eləyirsə, Prezidentin də bütün cəhdləri, əslində, səmərə verməməyə başlayır. Ona görə də biz çalışmalıyıq ki, qanunvericiliklə buna kömək eləyək.
Çıxışımın sonunda Avropa Şurasında Ermənistanı ilk dəfə işğalçı dövlət kimi tanıyan qətnamənin qəbul edilməsi münasibəti ilə, Oqtay müəllim, Siz başda olmaqla bütün nümayəndə heyətini təbrik eləmək istəyirəm. Nə qədər yalan informasiyalar getsə də, çox böyük uğur qazanılıb. İkincisi, Avropa Şurası tarixində ilk dəfə bir azərbaycanlı Miqrasiya, məcburi köçkünlər, qaçsınlar komitəsinin sədri seçilib. Bu münasibətlə hörmətli həmkarım Sahibə Qafarovanı təbrik edirəm, uğurlar arzulayıram. Hesab edirəm ki, çox böyük nailiyyətdir və bu məsələni Azərbaycan ictimaiyyətinin təqdirlə qarşılamasını umuruq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən çalışacağam, hər çıxış edənə cavab verməyim, amma bir-iki məsələyə hökmən münasibət bildirməliyəm. Siz Elm haqqında qanun layihəsi ilə bağlı düzgün dediniz. Elm haqqında qanun layihəsi birinci oxunuşdan keçib. Əminəm ki, qanun layihəsi bu sessiyada ikinci və üçüncü oxunuşlardan da keçəcək.
Sizin iştirakınızla Rəqabət haqqında qanun layihəsinin ikinci oxunuşunu da keçirmişik. Amma sonra qərara aldıq ki, onu daha da təkmilləşdirsinlər. Bunun qalması xeyirdir ki, layihəni daha da təkmilləşdirib Milli Məclisin plenar iclasına çıxaraq.  Buyurun, Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən də yaz sessiyasının başlanması münasibəti ilə millət vəkillərini təbrik edirəm. Demək istəyirəm ki, komitələrin sayının artması müzakirə olunacaq qanunların kəmiyyətində öz müsbət əksini tapıb. Əminəm ki, bu, Milli Məclisin fəaliyyətində canlanmaya səbəb olacaq. Mən arzu edirəm ki, yeni seçilən deputatlar, əsasən də, cavan millət vəkilləri parlamentin həyatında fəal iştirak etsinlər, bu  və ya digər qanun layihələri və problemlər barədə fikirlərini bildirsinlər. Ümummilli liderimiz Heydər Əliyevin müxtəlif müşavirələr zamanı ən sevimli ifadəsi bu olmuşdur: “Zəhmət olmasa mövqeyinizi bildirin”. İstərdim ki, parlament ölkənin mədəni, iqtisadi, ictimai, siyasi həyatında daha aktiv rol oynasın, çünki millət vəkillərinin intellektual çəkisi, təcrübəsi buna tam imkan verir.
Fürsətdən istifadə edərək yaz sessiyasının qanunvericilik işləri planına iki dəyişiklik təklif edərdim. Bildiyimiz kimi, Azərbaycanın bir neçə özəl bankının – “Bank of Azerbaijan”, “Gəncəbank”, “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyaları ləğv edilib. Bu o deməkdir ki, həmin banklar faktiki olaraq öz fəaliyyətlərini dayandırıb, işçiləri də ixtisar edəcəklər. Biz deputatlar, çox istərdik ki, Mərkəzi Bank bu qərarın qəbul edilməsinin səbəbini açıqlasın.
Bir neçə gün əvvəl növbədənkənar iclasda səslənən fikirlərə qayıdaraq demək istəyirəm ki, Mərkəzi Bankın rəhbərliyi belə radikal addımlar atarkən mütləq bu barədə ictimaiyyətə ətraflı və dolğun məlumat verməlidir. Elman Rüstəmovun bir müddət əvvəl bizə dediyi sözləri xatırlamaq yerinə düşərdi: biz əhalinin bank sektoruna inamını tədricən qaytarmalıyıq. Ona görə insanlarımız bu gərgin vəziyyətdən mümkün qədər itkisiz çıxmalı və öz əmanətlərini geri almalıdırlar.
Bununla bağlı bir məsələyə diqqət çəkmək və müvafiq qanuna təkliflərimi vermək istərdim. İşsiz qalan insanlar ciddi mütəxəssisdirlər. Bankda işə düzələnə qədər ciddi süzgəcdən keçiblər. Ona görə təklif edərdim ki, hökumət, əsasən, cavan kadrlarla ciddi maraqlansın, onları digər qurumlarda imtahansız yerləşdirsin. Bununla bağlı “Dövlət qulluğu haqqında” Qanuna düzəliş etməyi təklif edirəm.
Vaxtilə dövlət qulluğuna daxil edilən mühasib vəzifəsi, həmin siyahıdan çıxarılmalıdır. Çünki bəzi dövlət qurumunun rəhbərləri ilə söhbət zamanı mənə bəlli oldu ki, bir çox qurumların filiallarında, o cümlədən Bakının özündə maliyyə şöbələrində bir-iki mühasib yeri olsa da, boş qalıb. Məsələn bir komitə var ki, orada 30 mühasib yeri boşdur. Çünki mühasiblər dövlət qulluğuna qəbul üçün test, müsabiqədən keçməlidirlər. Bu da bilirsiniz ki, çətin prosesdir. Ona görə təklif edirəm ki, mühasib vəzifəsi dövlət qulluqçularının siyahısından çıxarılsın, bu vəzifəyə qəbul asanlaşdırılsın. Bu yaxınlara qədər bank sektorunda işləyən cavan kadrlar belə vakant yerlərə müvəqqəti də olsa yerləşdirilsinlər.
Yaxın gələcəkdə də hökumət tərəfindən elan olunmuş struktur islahatlarının həyata keçirilməsi nəticəsində bir sıra dövlət qurumları, idarələr, bir-birinin funksiyalarını təkrarlayan qurumlar ləğv edilə bilər. Bu halda yüzlərcə cavan dövlət qulluqçusu işsiz qalma təhlükəsi ilə üzləşəcək. Yenə də “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik etməklə pensiya yaşına çatmayan insanları ixtisar etməzdən əvvəl onları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya çağıraraq imtahansız, testsiz digər qurumlara, o cümlədən rayonlarda olan vakant yerlərə yerləşdirmək olar. Çünki biz bilirik ki, hər dəfə 3 aydan bir komissiya imtahan keçirərkən 200-300 vakant yer haqqında elan verir. Sonra bu yerləşdirilən insanları müəyyən sınaqlardan keçirmək, ya da ixtisas artırma kurslarına cəlb etmək olar. Əsas odur ki, bu çətin zamanda onlar işsiz qalmasın. Biz “Dövlət qulluğu haqqında” Qanuna və digər qanunvericilik aktlarına bu gün də dəyişiklik edə bilərik. Cənab Prezidentin dediyi kimi, biz hamımız – bütün cəmiyyət anti-böhran proqramı hazırlamalıyıq və bu proqramda insanların sosial durumu, həyat səviyyəsi, işsizlik məsələsi prioritet olmalıdır. Xahiş edirəm, təkliflərimi nəzərdən keçirəsiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, təklif vermisiniz, üzərində işləməyə başlayın. Komitələrdə işləyin, ondan sonra verin. İndi qanunvericilik işləri planını təsdiq edirik. Yeni təklifiniz varsa, qanun layihəsini hazırlayın. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planına, təbii ki, səs verəcəyəm. Amma hamımız o fikirdəyik ki, kreditlə bağlı bir sıra məsələlərə baxmalıyıq, çünki əhalinin gözləntiləri var. Mən hesab edirəm ki, ya kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunmalı, ya da qanunda dəyişikliklər edilməlidir.
21 fevral devalvasiyasından öncə kredit götürənlərin manatla əlavə xərci iki dəfə, devalvasiyalar arası müddətdə isə kredit alanların xərci 50 faizdən çox artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürənlər 12600 manat əlavə pul ödəməlidirlər. Yəni kreditlərdə bu qədər dəyişikliklər olub. Mərkəzi Bankdan və Maliyyə Nazirliyindən bu məsələlərə fərqli münasibətlər bildirilir. Amma insanların gözləntisi var idi, biz çalışmalıyıq ki, onları aradan qaldıraq.
Təklif edirəm ki, kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsində, əsasən, aşağıdakı müddəalar öz əksini tapsın. Əvvəl əsas borc, sonra kredit, daha sonra cərimə və pensiyalar qaytarılsın və dördüncü, borcun qaytarılması, xərclərin ödənilməsi nəzərdə tutulsun.
Bu nəyə lazımdır? Çünki indiki halda kreditin gecikməsinə görə ilk növbədə peniya ödənilir, sonra kredit faizi, daha sonra əsas məbləğə görə borc ödənilir. Beləliklə, vətəndaşda çox fərqli əhvali-ruhiyyə yaranır ki, əsas hissədən borcun qaytarılması ilə bağlı olaraq heç bir şey ödənilməyib və əlavə olaraq da üstünə pul gəlib. Təklif olunan qaydada isə ilk növbədə, borcu qaytarmaq imkanı yaranacaq ki, bu da vəziyyəti nisbətən yüngülləşdirəcəkdir. Mən hesab edirəm ki, bu qanunda bəlkə xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditlərinin manata keçirilməsi mexanizmi də öz əksini tapa bilər. Həm də Konstitusiyaya uyğun olaraq bunun həyata keçirilməsi mümkün olar. Hər halda mən prinsip etibarı ilə məsələni qaldırdım, mütəxəssislərin işləməsi lazımdır. Bunun üzərində işləyərlərsə, gələcəkdə müəyyən qədər dəyişiklik olarsa, kredit götürənlərin gözləntilərini reallaşdırmaq imkanı yaranar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən qeyd etmək istəyirəm ki, müzakirəmizə təqdim olunan Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı kifayət qədər zəngindir. Burada çox maraqlı və əhəmiyyətli layihələr öz əksini tapıb. Eyni zamanda, İctimai nəzarət haqqında qanun layihəsi də işlər planına daxil edilib. Hörmətli cənab Sədr, fürsətdən istifadə edib, belə bir təşəbbüsü dəstəklədiyinizə, İctimai nəzarət haqqında qanun layihəsini qanunvericilik işləri planına daxil etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
İctimai nəzarət haqqında qanun layihəsi təsadüfi olaraq ortaya çıxmayıb. Bilirsiniz ki, cənab Prezident yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə həsr olunmuş iclasda ictimai nəzarət mexanizmləri ilə bağlı Nazirlər Kabinetinə çox ciddi tapşırıqlar verdi. İctimai nəzarətin vacibliyini qeyd etdi və dedi ki, bu gün ictimai nəzarət mexanizmi təkmil deyil. O elə formada olmalıdır ki, ictimai nəzarətin konkret effekti hiss olunsun. Elə olmasın ki, dövlət qurumlarında kiminsə fəaliyyətinə müdaxilə edilsin, problemlər yaradılsın. Eyni zamanda, elə də olmasın ki, dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının işində ictimai nəzarəti təmin edəcək hər hansı fəaliyyət öz əksini tapmasın. Bu baxımdan düşünürəm ki, İctimai nəzarət haqqında qanun layihəsi qanunvericilikdə olan müəyyən boşluqların doldurulmasına və konkret mexanizmlərin yaradılmasına xidmət edəcəkdir.
Həmkarım Fazil müəllim qeyd etdi ki, “İctimai iştirakçılıq haqqında” Qanun qəbul edilib, orada  ictimai şüarların yaradılması ilə bağlı müddəa var və niyə bu lazımi səviyyədə icra olunmur? Əlbəttə, həmkarımın fikirlərinin bir hissəsi ilə razıyam. Ona görə ki, bu gün bəzi yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazımi səviyyədə diqqət yetirmirlər. Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamədə şuraların yaradılması qaydaları müəyyənləşib. Amma bəzi qurumlar buna əməl etmirlər. Hətta bizə məlumat daxil olub ki, yerli icra hakimiyyəti orqanlarında axşam fikirləşiblər, səhər durub, ictimai şura elan ediblər. Bununla da ictimai nəzarət mexanizminin yaradılması haqqında özlərində bir rəy yaradıblar. Mən hesab edirəm, bu iş şəffaf olmalıdır. Seçkilər keçirilməlidir, insanlar əvvəlcədən bilməlidirlər ki, bu qurumda hansı qaydalar çərçivəsində kimlər təmsil olunur.
Bu baxımdan, hesab edirəm ki, İctimai nəzarət haqqında qanun layihəsi müəyyən mənada imperativliyi də artırmalı, mexanizm kifayət qədər aydın, başa düşülən olmalıdır. Elə forma olmalıdır ki, burada “qızıl orta” tapılsın, həm dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun, ictimai nəzarət adı altında müdaxilələr olmasın, həm də müəyyən mexanizmlər təmin olunsun. Bu baxımdan, əminəm ki, biz bunu geniş şəkildə müzakirə edəcəyik və ən optimal layihəni dıqqətinizə təqdim edə biləcəyik.
Əlbəttə, burada çox mühüm layihələr var. Mən Məktəbəqədər təhsil haqqında qanun layihəsini xüsusilə vacib hesab edirəm. Hesab edirəm, buna da böyük ehtiyac var. Biz təhsillə bağlı bir çox problemləri müzakirə etmişik, bununla bağlı qanunvericilikdəki boşluqları qeyd etmişik. Mən əminəm ki, Elm və təhsil komitəsi və aidiyyəti qurumlar, bizim əməkdaşlar ictimai ehtiyacı tam təmin edə biləcək layihə ortaya qoya biləcəklər.
Bir təklif də vermək istəyirəm. Hörmətli Sədr, bilirsiniz ki, bir neçə il bundan öncə Sosial sifariş haqqında qanun layihəsi irəli sürmüşdük. Bu qanun layihəsi qanunvericilik işləri planına daxil edildi, amma sonradan təxirə salındı. Mən hesab edirəm, bu gün Sosial sifariş haqqında qanun layihəsinin müzakirəsinə ehtiyac var və o, bu gün faktiki olaraq həyata keçirilən sosial sifarişlərin qanunvericilik bazasını təmin edə bilər. Eyni zamanda, bu gün mərkəzi və yerli icra hakimiyyəti orqanları bir çox istiqamətlərdə müəyyən sifarişlər verirlər, onun qanuni əsası yoxdur. Bəzən görürsən ki, bunu ya qrant, ya da maliyyə yardımı adı altında verməlidirlər. Amma sosial sifariş adı altında verilərsə, çox doğru olar. Ona görə bu təklifi irəli sürürəm və hesab edirəm ki, buna da baxmalıyıq. Bütövlükdə mən qanunvericilik işləri planına səs verəcəyəm və düşünürəm ki, bizi növbəti üç ayda çox maraqlı müzakirələr gözləyir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay müəllim, yaxşı təklifdir, amma sizdə çoxlu QHT-lər var. Tapşırın ki, sosial sifariş haqqında ümumi müzakirələr keçirsinlər. Ondan sonra bu məsələni qaldırmaq olar. Buyurun, Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Yaz sessiyasının qanunvericilik işləri planına çox vacib qanunvericilik sənədləri daxil edilib. Mən bunu obrazlı şəkildə Milli Məclisin 19 yanvar tarixli növbədənkənar iclasında qanunvericilik sənədlərinə edilən əlavə və dəyişikliklərin daha geniş miqyasda davamı kimi qiymətləndirirəm.
Son vaxtlar həm dünyada gedən proseslərin təsirindən, həm manatın devalvasiyasından, həm də Azərbaycan iqtisadiyyatının özünün problemlərindən yeni situasiya yaranıb. Həmin yeni situasiya yeni təfəkkürlə yanaşma tələb edir. Neftin əsas rol oynadığı modeldən insan kapitalının əsas rol oynadığı modelə keçmək bu gün qarşımızda duran ən mühüm məsələdir.
Bu nöqteyi-nəzərdən iki məqamı xüsusi qeyd eləmək istəyirəm. Birinci, əgər biz dünyada gedən rəqabətə tab gətirmək istəyiriksə, təhsil sistemimizi köklü surətdə təkmilləşdirməliyik. Ona görə də mən burada olan bütün qanunvericilik sənədlərini müsbət qiymətləndirməklə yanaşı, Məktəbəqədər təhsil haqqında qanun layihəsini xüsusi qeyd etmək istəyirəm. Ona görə ki, uşaq bağçalarından başlayıb ali təhsilə qədər bütün təhsil mərhələlərini beynəlxalq standartlar səviyyəsində yenidən qurmaq, onun keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq lazımdır.
İkinci, biz təhsil haqqında qanunvericilik sənədlərinə dəyişikliklər hazırlamışıq, üzərində bir qədər də işləyəndən sonra onları Milli Məclisə təqdim edəcəyik. Təhsildə yüksək nəticə göstərməyə qadir olan gənclər heç müəllim yanına getməmiş yüksək bal toplaya, ali məktəbə daxil ola bilirlər. Amma təhsil haqqını ödəyə bilmədiyinə görə institutdan kənarlaşdırılırlar. Bu həmin gənc üçün böyük faciə, həmin ailələrin perspektivlərinin üstündən xətt çəkmək deməkdir.
Neçə illərdir, biz Təhsil kreditləri haqqında qanun layihəsi hazırlamışıq. Amma görünür, 26–28 faizlə, istehlak kreditləri səviyyəsində soyğunçu faizlərlə kredit verənlər həmin qanunun keçməsinə mane olurlar. Biz müəlliflik hüququndan da imtina edə bilərik. Xahiş edirəm, Təhsil Nazirliyi bu qanunla maraqlansın. Təhsil strategiyası hazırlanıb, orada təhsil kreditləri məsələsi qoyulub. Çox təəssüflər olsun ki, təhsil strategiyasında qoyulan məsələlərin reallaşdırılması gecikdirilir.
Deyəcəyim digər məsələ budur ki, əgər biz, sözün həqiqi mənasında, Azərbaycan iqtisadiyyatının qalxmasını istəyiriksə, inhisarçılığı aradan qaldırmalıyıq. İnhisarçılığın aradan qaldırılması üçün isə indi atılan addımlara möhkəm hüquqi təminat vermək lazımdır. Möhkəm hüquqi təminat isə rəqabət haqqında qanunun vaxtında qəbul edilməsidir. Rəqabət haqqında qanunu 6 aya qəbul etmək olar, amma 6 ildir, uzanır. Bundan sonra uzadılması yolverilməzdir və hesab edirəm, Nazirlər Kabinetinin 2015-ci ilin hesabatında sorğu etmək lazımdır ki, niyə bu, indiyə  qədər uzadılır.
Azərbaycan Prezidentinin çıxışlarında sahibkarlıq məsələsi qırmızı xətlə gedir. Heç vaxt Azərbaycanda keçirilən böyük müşavirələrdə sahibkarlara Azərbaycan Respublikası Prezidentinin yanvarın 26-da keçirdiyi müşavirədəki qədər meydan verilməmişdi. Hansı sahibkar çıxıb orada öz problemlərini danışdı? Ona görə ki, deyə bilməz. O nöqteyi-nəzərdən hesab edirəm ki,  sahibkarların, ekspertlərin, bir də, Azərbaycanda işləyən xarici iş adamlarının qapalı, gizli, sosioloji sorğusu keçirilməlidir. Həmin sorğudan irəli gələn naqisliklər əsas götürməklə sahibkarlıq haqqında qanun layihələri yenidən işlənməlidir.
Əgər “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun və 2013-cü ilin ortalarında qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun işləsə idi, Azərbaycan Prezidenti yoxlamaları iki il qadağan etməzdi. Deməli, bu qanun elə qanun naminə  qəbul olunur və işləmir. Yaxşı, iki il qadağadan sonra nə olacaq? Ona görə də sahibkarlığa dair qanunvericilik sənədlərini bir yerə toplayıb yaxşı bir qanun hazırlamaq lazımdır.
Əgər bir adam 7800 manat kredit alıbsa və devalvasiyadan sonra o, harada isə 25 min manata qədər pul qaytarmalıdırsa, qaytara bilməyəcək, çünki o, 400 manat maaş alır. İndi o, 10 faiz artıb, 410 manat olub. Şəxs onun 200 manatını kreditə verirdi, yerdə qalan 200 manatla da yaşayırdı. İndi qiymətlər qalxıb, 200 manata yaşaya bilmir. 25000 qaytarmaq üçün isə 410 manatın hamısını banka verməlidir. Onda bəs özü nə ilə yaşayacaq? Ona görə də xarici kreditlərin restrukturizasiyası haqqında qanunun qəbul edilməsini vacib hesab edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də qanunvericilik işləri planına səs verəcəyəm, gündəmdə çox önəmli qanun layihələri var. Mən bir məsələnin də gündəmə gəlməsini xahiş edirəm. Yəqin ki, bu ya müəyyən qanunlarla əlavə və dəyişiklik şəklində olmalıdır, ya  da biz parlamentdə bunu səsləndirərək müvafiq orqanlara çatdıraq.
Söhbət ünvanlı sosial yardımla bağlı ortaya çıxmış bir məsələdən gedir. Bu, dövlətin ən yaxşı layihələrindən biridir ki, maddi imkanları çox aşağı olan ailələrə dəstək göstərilir. Amma nə baş verir? Ünvanlı sosial yardım alan ailə müəyyənləşir və o, ünvanlı sosial yardım almağa başlayır. Birdən bu ailədə problem ortaya çıxanda, tutaq ki, ağır bir xəstəsi olanda kiçik məbləğdə kredit götürürlər. Həmin krediti götürən kimi, dərhal  ünvanlı sosial yardım kəsilir. Axı, bu kiçik məbləğdə krediti götürəndə o, varlanmır, zənginləşmir. Bu meyarlar müəyyənləşib, bu adama ünvanlı sosial yardım verilib. Əslində, o, bir az da borclanır. Borclanan insana isə dəstək göstərmək lazımdır ki, o, ünvanlı sosial yardımını alsın, daha da ağır vəziyyətə düşməsin.
Bu istiqamətdə ortaya çıxan digər məsələ nədir? Ünvanlı sosial yardım alan ailənin övladı dövlət universitetlərinin birinə ödənişli əsaslarla qəbul olunarsa, dərhal o ailənin ünvanlı sosial yardımı kəsilir. Axı, biz bu ailəyə kömək etməliyik ki, övladını oxuda bilsin. Övladı ödənişli əsaslarla ali təhsil müəssisəsinə qəbul olunub deyə bunun ünvanlı sosial yardımının kəsilməsi doğru deyil. Ona görə də bu məsələlərin qanunvericilik çərçivəsində həllini tapması lazımdı. Müvafiq qurumlardan bunu xahiş edirik. Seçicilər hesab edirlər ki, cənab Prezidentin əhalinin imkansız təbəqələrinin qorunması istiqamətində tapşırıqlardan sonra bu məsələlərin də öz həllini tapması vacibdir. Buradan həm qanunverici orqana, həm müvafiq qurumlara müraciət edirik ki, ünvanlı sosial yardımı alan ailə kiçik məbləğdə kredit götürürsə və ya uşağı dövlət ali məktəbinə ödənişli əsaslarla daxil olubsa, onun ünvanlı sosial yardımı kəsilməsin və bu ailə daha ağır vəziyyətə düşməsin, övladı təhsilini davam etdirsin.
Digər bir məsələni Əli müəllim qaldırdı. Həqiqətən də, qonşu respublikalarla müqayisə aparsaq, görərik ki, bu gün təhsil kreditləri təhsilin inkişafı, ümumi imkanı aşağı olan təbəqələrin övladlarının yaxşı təhsil ala bilməsi istiqamətində çox ciddi bir məsələdir və bunun öz həllini tapması lazımdır.
Mən Reproduktiv sağlamlıq haqqında qanun layihəsinin gündəmə gəlməsinə ən çox sevinənlərdən biriyəm. Xahiş edəcəyəm ki, bu qanunu yaxın zamanlarda müzakirəyə çıxaraq. Mən həm Musa müəllimə, həm də Hadi müəllimə demişəm ki, o qanun layihəsindəki ən vacib hissəni insanlarımız səbirsizliklə gözləyirlər. Bilirik ki, sonsuz ailələrin sayı çoxalır. 10 il övladı olmayan ailələrə bir dəfə dövlət vəsaiti hesabına pulsuz yardımın göstərilməsi məsələsində müddət bir az aşağı salınsa, yaxşı olar. Çünki 10 il çox böyük müddətdir və hər gün görürük ki, bu illər ərzində problem öz həllini tapmırsa, daha ağır faciələrə gətirib çıxarır.
Digər bir məsələ. İctimai yerlərdə siqaretin çəkilməsi haqqında qanun layihəsi yenə də işlər planında yoxdur. Bu çox ciddi bir məsələdir. Düzdür, bizim qanunvericilikdə bununla bağlı bəzi məsələlər var. Məsələn, 18 yaşına çatmayan uşaqlara siqaretin satılması qadağandır. Amma biz məktəb yaşlı uşaqların arasında siqaretdən istifadənin nə qədər artdığını görürük. Niyə onlar hər yerdə bu siqareti çox rahatlıqla ala bilirlər? Ona görə də hesab edirəm, İctimai yerlərdə siqaretin çəkilməsi haqqında qanunla bu qanunlarımızın mexanizmlərinin dərinləşməsinə ciddi şəkildə ehtiyac var. Sonda həmkarlarımın ictimai nəzarətlə bağlı söylədiyi fikirləri dəstəklədiyimi bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Mən də yaz sessiyasının qanunvericilik işləri planını dəstəkləyirəm və hesab edirəm ki, bura çox vacib qanun layihələri daxil olunub. Bütövlükdə iş planının təsdiq olunmasının lehinə səs verəcəyəm. Eyni zamanda, bir neçə təklifim var, icazənizlə onları səsləndirim.
Birinci növbədə, təklif edərdim ki, “Dərman vasitələri haqqında” Qanuna iki mühüm əlavə və dəyişiklik edək. Məsələ bundadır ki, uzun müddətdir, dərman vasitələrinin əlavə dəyər vergisindən azad olunması, yaxud əlavə dəyər vergisinin minimuma endirilməsi ilə bağlı söhbətlər gedir. Cənab Prezidentin təşəbbüsü ilə ötən il biz “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik etdik. Dərman vasitələrinin dövlət tənzimlənməsi həyata keçirilir və dərman vasitələrinin qiyməti xeyli aşağı düşmüşdür. Amma manatın devalvasiyasından sonra dərman vasitələrinin qiymətində 45–50 faiz artım müşahidə olunmaqdadır ki, bu da dərmana ehtiyacı olan insanların ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır. Bu yaxınlarda cənab Prezident un və un məmulatının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı çox ciddi bir qərar verdi və bu qərar da bütün Azərbaycan vətəndaşları tərəfindən dəstəkləndi və minnətdarlıq bildirildi. Hesab edirəm ki, dərman da çörək, un məmulatı qədər, bəlkə də ondan artıq strateji məhsul olduğundan onun da əlavə dəyər vergisindən azad edilməsi haqqında qərar qəbul edə bilərik. Onu da deyim ki, dünya ölkələrinin böyük əksəriyyətində dərman vasitələri ya əlavə dəyər vergisindən azaddır, ya da minimum əlavə dəyər vergisi tətbiq olunur.
İkinci təklifim dərman vasitələrinin saxlanılması ilə bağlıdır. Mövcud qanunvericiliyə görə Azərbaycana idxal olunan dərman vasitələri gömrük terminalında saxlanılır, ekspertiza üçün nümunələr götürülür, Səhiyyə Nazirliyinin laboratoriyasında qeydiyyatdan keçir. Bütün sənədlər doğru olarsa, topdansatış anbarına götürülür. Amma təcrübə göstərir ki, bəzən bu sənədlərin dəqiqləşdirilməsi həftələrlə, aylarla uzanır, bəzi hallarda 6 aya qədər çəkir. Gömrük terminalında isə dərmanların saxlanılması üçün tələb edilən temperatur, rütubət, işıq rejimləri olmadığına görə dərmanlar, xüsusən yay aylarında tam sıradan çıxır və keyfiyyətsizləşir. Bəzən insanlar haqlı olaraq deyirlər ki, istifadə etdiyimiz dərmanların keyfiyyəti başqa ölkələrdəki dərmanların keyfiyyətindən aşağıdır. Bunun da əsas səbəbi, gömrük orqanı ilə Səhiyyə Nazirliyi arasındakı razılaşmaya qədərki müddətdə onların terminalda düzgün olmayan temperatur rejimində saxlanılmasıdır. Ona görə də təklif edirəm ki, bu qanuna dəyişiklik edək və dərman vasitələrinin həmin terminalda deyil, topdansatış anbarında saxlanılmasını və sonra  satışa buraxılmasını təmin edək.
Digər bir təklifim Gömrük və Vergi məcəllələri ilə bağlıdır. Hörmətli Ziyafət müəllim, biz bu yaxında Vergi Məcəlləsinə dəyişiklik etdik və sadələşdirilmiş vergi rejiminə keçidlə bağlı çox mühüm qərar qəbul etdik. 6 faiz, iaşə müəssisələrində isə 8 faiz sadələşdirilmiş vergi tətbiq etdik. Amma təəssüf ki, bu 6 faiz rejimi mal idxalında nəzərə alınmır. Bu gün gömrükdə şəffaflaşdırma, monopoliyanın aradan qaldırılması, əsasən, kiçik sahibkarın malı öz adına gətirməsi ilə bağlı çox böyük işlər gedir, amma elə rüsum tətbiq olunub ki, artıq sahibkarlar mal gətirməkdən imtina edirlər. Bir aydan çoxdur ki, kiçik sahibkarların Türkiyədən, İrandan, Çindən gətirdikləri mallar Azərbaycana daxil olmur. Nəyə görə? Ona görə ki, təxminən 36 faizlik vergi və gömrük rejimi tətbiq olunubdur. Mən açıq deyirəm, indi kiçik sahibkarların çoxu bu vergini verə bilmədiklərinə görə monopoliyanın bərpa olunmasını arzulayırlar. Deyirlər ki, onda heç olmasa, malımızı rahat gətirə bilirdik, monopolist bu məsələləri həll edirdi. Cənab Prezident kiçik sahibkarlığın inkişafına dəstək proqramını sahibkarlarla son görüşündə də elan etdi. Biz ona görə gəlin, elə bir rejim yaradaq ki, qaş düzəltdiyimiz yerdə gözü də vurub çıxarmayaq.
Sədrlik edən. Sağ olun, Musa müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, kifayət qədər çıxışlar oldu. Burada səsləndirilən və səsləndiriləcək fikirlərin ümumi mənzərəsi təxminən aydındır. Bəlkə məsələləri yekunlaşdıraq, çünki gündəlikdə digər məsələlərimiz var. Etiraz edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edək. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun,  Ziyafət müəllim. Mən də Sizi, Oqtay müəllimi, rəhbərlik daxil olmaqla bütün həmkarlarımı yaz sessiyasının açılışı münasibəti ilə təbrik edirəm. Əminəm ki, 2016-cı ilin yaz sessiyasında qəbul edəcəyimiz qanunlar ölkəmiz, millətimiz, dövlətimiz üçün çox xeyirli olacaqdır.
Hörmətli Ziyafət müəllim, mən nəyi bildirmək istərdim? Yaz sessiyasının işlər planını çox böyük məmnuniyyətlə dəstəkləyirəm. Həqiqətən, bizə çox gözəl layihələr təqdim olunmuşdur. Mən bizdən asılı olmayan səbəblərdən neftin qiymətinin aşağı düşməsi, eləcə də inflyasiya və devalvasiya ilə əlaqədar möhtərəm Prezidentimizin son çıxışlarında hər birimizə ünvanladığı o mesajlarla bağlı qanunvericilikdə bəzi düzəlişlərin edilməsini istərdim.
İlk olaraq, “Məşğulluq haqqında” Qanuna tezliklə müəyyən dəyişikliklərin edilməsini təklif edərdim. Azərbaycanda bütün rayonlarda məşğulluq idarələri fəaliyyət göstərir və respublikadakı vakant, boş yerlər onlarda var. Son aylarda kütləvi ixtisarlarla bağlı seçicilərimiz bizə müraciət edir. Məşğulluq idarələrinin vakant yerlərə uyğun olaraq göndərdikləri işsiz adamı heç bir səbəb olmadan işə götürmürlər. Məsələn, mən son günlərdə iki-üç hadisə ilə rastlaşdım. Botanika bağında, xüsusi bağçılıq təsərrüfatında deyil, məsələn, bir idarənin bağ təsərrüfatında bir nəfəri əmək haqqı 110 manat olan bağban vəzifəsinə işə götürməkdən imtina edirlər. Yəni çox kiçik maaşı olan işçilərdən belə imtina edirlər. Məşğulluq idarələri də haqlı olaraq narazılıq edirlər ki, nəzarət mexanizmi olmadığına görə yüzlərcə vakant yerin olmasına baxmayaraq, işlə təminat çox cüzi səviyyədədir. Ona  görə də düşünürəm ki, “Məşğulluq haqqında” Qanuna dəyişikliklər edilərsə, nəzarət mexanizmi olarsa, qanunun daha  çevik işləməsinə şərait yaratmış olarıq.
Hörmətli Musa müəllim səhiyyə sahəsində qəbul edilmiş qanunlarla bağlı danışdı. Mən də möhtərəm Prezidentimizin Azərbaycanda əczaçılıq sənayesinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərinə dayanaraq bir təklif vermək istərdim. Azərbaycanda əczaçılıq sənayesi və farmakoloji xidmət haqqında qanunlar yoxdur. Mən heç şübhə etmirəm ki, yaxın vaxtlarda ölkəmizdə əczaçılıq sənayesinin daha da inkişaf etdirilməsi ilə bağlı böyük işlər görüləcək. Amma belə bir qanunun hazırlanması parlamentin gündəliyinə salınsa, çox yaxşı olardı.
Nəhayət, sonuncu bir xahişimi demək istərdim. Mərkəzi orqanların yerli qurumlarına səlahiyyətlərin verilməsi çox yaxşı olardı. Çünki bölgələrdə onların adi bir xadiməni işə götürmək səlahiyyətləri yoxdur. Eləcə də, bu, bələdiyyələrə aiddir. Məsələn, məişət tullantılarının təmizlənməsi ilə bağlı bir vakant yerə rayon bələdiyyələri işçi götürə bilmirlər. Ondan ötrü gərək Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun. Xahiş edərdim ki, bu gün respublikamızda işsizliklə bağlı yaranmış vəziyyəti nəzərə alaraq nazirlik və komitələrin rayonlarda olan təşkilatlarının səlahiyyətləri genişləndirilsin. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də deputat həmkarlarım kimi, Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının yaxşı hazırlandığını və yaz sessiyasında çox məhsuldar fəaliyyət göstərəcəyimizi qeyd etmək istəyirəm. Amma bir neçə təklifim var.
Əvvəla, 1995-ci ildən 2005-ci ilə qədər korrupsiyaya qarşı mübarizə ilə bağlı ulu öndərin imzaladığı fərman var idi və bir keçid dövrü elan olunmuşdu. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul edildi və o keçid dövrü nəzərə alınmaqla 2005-ci ildən qüvvəyə mindi. Çox təəssüflər olsun, bəzi məsələlərlə bağlı belə bir təəssürat yaranır ki, 2005–2015-ci ildə – növbəti 10 ildə bir keçid dövrü elan olundu. Ona görə ki, bir sıra qanunlar hələ də qəbul edilməyib, öz növbəsini gözləyir.
Burada Rəqabət Məcəlləsinin adı çəkildi. Bu qanun layihəsi müxtəlif adlar altında Milli Məclisə gəlib, amma hansısa sehrli əllər, qüvvələr bu qanunu gündəlikdən çıxarıbdır. Əgər rəqabət haqqında, antiinhisar haqqında, antimonopoliya haqqında qanun yoxdursa,  mübarizə qanunu yollarla necə aparıla bilər və cəmiyyət nə qədər gözləməlidir ki, bu qanun qəbul edilsin?
İkincisi, vaxtı ilə Maraqların toqquşması haqqında qanun layihəsi hazırlanmışdı. Bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunundan irəli gələn bir qanun layihəsidir. Bu günə qədər hələ də bu qanun layihəsi Milli Məclisə təqdim olunmur. Biz baxırıq ki, yerlərdə bir çox korrupsiya  faktı ilə bağlı məsələlər bilavasitə maraqların toqquşması ilə əlaqədardır. 
Başqa bir ciddi məsələ gəlir vergisi bəyannaməsi ilə bağlıdır. Qanunda hüquqi və fiziki şəxslərlə, dövlət qulluğu ilə bağlı bir bəyannamə nəzərdə tutulubdur. Vaxtı ilə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının təqdim etdiyi bir forma var idi. Bu, Nazirlər Kabinetinə göndərilmişdi və müvafiq qurumlar bununla məşğul idilər. Amma üstündən 7–8 il keçib, hələ də bəyannamə yoxdur. Əgər şəxs bəyannamə təqdim etmirsə, korrupsiyaya qarşı mübarizə ilə bağlı hansı qanuni tədbirlər, ölçülər götürülə bilər? Mən hesab edirəm ki, bu qanunvericilik təşəbbüsü ilə daxil edilməlidir.  
Sonra biz qanunların antikorrupsiya ekspertizası haqqında qanun layihəsi barədə danışmışdıq. Hüquqi normativ aktların antikorrupsiya ekspertizası – çox təəssüflər olsun ki, bu qanun layihəsi də hələ yoxdur. Mən hesab edirəm ki, bu da Milli Məclisin qanunvericilik işləri planına daxil edilməlidir. Yaz sessiyasında olmasa da, ən azı payız sessiyasında bu qanun layihələri iş  planına daxil edilməlidir, çünki kompleks qanunlar qəbul edilmədən korrupsiyaya qarşı mübarizənin qanuni yolla aparılması olduqca çətin görünür.
Artıq 2015-ci ildə korrupsiyaya qarşı mübarizədə  şəffaflığın təmin edilməsi ilə bağlı üçüncü dövlət proqramı başa çatır. Yəqin ki, dövlət başçısı yeni dövlət proqramının hazırlanması ilə bağlı tapşırıq verəcəkdir. Korrupsiyaya qarşı mübarizədə dövlət proqramlarının çox böyük nəticəsi oldu. Bir-birini təkrar edən qurumlar ləğv edildi, institusional islahatlar aparıldı və “ASAN xidmət” yaradıldı. Bu gün bunların hamısı onu göstərir ki, şəffaflıq təmin etmək üçün böyük imkanlar var. 
Çox maraqlıdır, necə ola bilər, “ASAN xidmət”ə səlahiyyətlər verilir və şəffaflıq təmin olunur, amma mərkəzi icra hakimiyyəti orqanlarında şəffaflıq təmin edilmir? Deməli, icra hakimiyyəti orqanlarının özündə problemlər var. O problemlər də burada adlarını çəkdiyimiz qanunlarla bağlıdır. Bu qanunlar işləməlidir. Bəzən mərkəzi, yerli icra hakimiyyəti orqanlarında qəbul edilən sərəncamlar, yaxud əsasnamələr hüquqi normativ akt kimi təqdim olunur, amma əsas ana qanun kənarda qalır. Ona görə də hesab edirəm ki, işlər planına bununla bağlı məsələ daxil edilməlidir.
Sonda demək istəyirəm ki, Psixoloji yardım haqqında qanun layihəsinə yaxşı olar ki, Elm və təhsil komitəsi ilə bir yerdə baxılsın.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Vaxtın azlığını nəzərə alaraq təkliflərimi qısa olaraq diqqətinizə çatdırmaq istəyirəm. Birinci, işlər planına “Siyasi partiyalar haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihənin daxil edilməsini təklif edirəm. Biz bunu hazırlayıb, təqdim edəcəyik. Biz bu qanunda dəyişiklik etmişik ki, büdcədən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına ildə bir dəfədən az olmayaraq hesabat verməlidirlər.
Təəssüflər olsun ki, bir sıra partiyalar qanunda göstərilən bu müddəanı yerinə yetirmir və məcbur etmək mexanizmi də qanunda nəzərdə tutulmayıb. Bu da qeyri-şəffaflıq yaradır. Yaxud da, bir səhifə ağ kağız göndərir ki, bunun maliyyə dövriyyəsi, ümumiyyətlə, yoxdur. Amma görürsən ki, hər birinin aparatında onlarca işçi çalışır, hər sədrin 4–5 cangüdəni var və bahalı avtomobillərdə gəzirlər. Sual olunur ki, əgər, gəlir və çıxar yoxdursa, bu vəsaitlər haradan əmələ gəlib? O qaranlıq mənbələr nədən ibarətdir? Bu baxımdan istəyirəm ki, qanunda dəyişiklik olsun.
İkinci deyəcəyim məsələ partiyaların daxilindəki gərginliklə bağlıdır. Yəni bir tərəf deyir ki, partiyanın rekvizitləri mənə çatmalıdır, digər tərəf iddia edir ki, ona çatmalıdır. Bunun tənzimlənməsi üçün qanunda müxtəlif müddəalar ortaya qoyulmalıdır ki, həm mülkiyyət, həm ad, həm digər rekvizitlər məsələsi öz həllini tapsın.
Üçüncü, elə partiyalar var ki, 20 ildən artıqdır, qeydiyyatdan keçib. Hər bir partiyanın hüquq və vəzifələri olsa da, bunlar yerinə yetirilmir. Dünya  praktikasında belədir ki, bu halda o, avtomatik ləğv olunmalıdır. Artıq bu partiyalar alğı-satqı obyektinə çevrilir. Kimsə gələcəkdə bu partiyadan lazım olanda istifadə etmək üçün alıb qoyur evinə. Bu məsələlərin tənzimlənməsi üçün də qanuna düzəlişin edilməsinə ehtiyac duyulur.
Biz Reproduktiv sağlamlıq haqqında qanun layihəsini bir neçə dəfə buradan çıxarmışıq. Mən İctimai birliklər və dini qurumlar komitəsinə rəhbərlik edən bir şəxs kimi qeyd etmək istəyirəm ki, burada dinə zidd müddəalar var və onlar çıxarılmalıdır. Biz Allahın işinə qarışa bilmərik. Təəssüflər olsun ki, bəzi bəndələr Allahlıq etmək fikrinə düşüblər. Bu müddəalar buradan avtomatik olaraq çıxarılmalıdır, çünki bunlar Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan müddəalardır.
Ünvanlı sosial yardımla bağlı burada məsələ qaldırıldı. Mən hesab edirəm ki, buna baxış dəyişilməlidir. Ünvanlı sosial yardım elə olmamalıdır ki, imkansız bir şəxs hər ay gəlib 100 manatını alsın və bu proses davam eləsin. Bu, təqaüd deyil. Bu, yardımdır ki, insan ayağa qalxsın. Hesab edirəm ki, ona baxış tamamilə dəyişilməlidir. Biz vaxtı ilə 250 milyon ünvanlı sosialı yardım vermişik. Bu, havaya atılan bir vəsait olub. Burada necə olmalıdır? O vəsait birillik verilməlidir. Sonra o insan istəyir təsərrüfatla, istəyir heyvandarlıqla, nə bilim, nə ilə məşğul olur-olsun, nəticədə oradan gələn gəlirlərlə ailə vəziyyətini yaxşılaşdırsın. Əks təqdirdə biz ələ baxımlılıq öyrədirik ki, otur, işləmə, heç bir iş axtarma və gəl, ayda dövlət büdcəsindən 100 manat vəsait al. Hesab edirəm ki, bu məsələyə baxış dəyişilməlidir.
Ziyafət müəllim, informasiya təhlükəsizliyi ilə bağlı cənab Prezidentin böyük bir fərmanı oldu. Həm hərbi hissələrdə, həm də dövlət sirrinin yayılması ilə əlaqədar. Bununla bağlı bir çox qanunlara biz cidd   şəkildə dəyişiklik etməliyik. Bir mənbə Azərbaycan ordusu, Azərbaycan Respublikasının dövlət sirri haqqında öz internet səhifəsində yazır, digərləri də ona istinad edirlər və sonra məlum olur ki, həmin məlumat tamamilə xaricdə yerləşdirilən bir məlumatdır. Bundan da Azərbaycanın mötəbər informasiya mənbələri geniş şəkildə istifadə edirlər. Bunların da qarşısının alınması üçün ciddi addımlar atmalıyıq. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, dəyərli mediya nümayəndələri! Mən də qanunvericilik işləri planı ilə tanış oldum, qarşıdakı müddətdə parlamentin məhsuldar işləyəcəyi aydın görünür.  Mən burada bir məsələyə toxunmaq istəyirəm. Bu, diffamasiya ilə bağlıdır. 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı qəbul olunubdur. Həmin proqramda diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi məsələsi yer alır. Bununla bağlı təkliflərin hazırlanması vəzifəsi müəyyənləşdirilir. Hesab edirəm ki, biz də Milli Məclis səviyyəsində bu məsələyə önəm verməliyik, çünki diffamasiya prinsip etibarı ilə  ölkəmizin daha da demokratikləşməsinə  aparan yoldur. Bu yol hər bir halda gedilməlidir.
Məsələ prinsipial olaraq belədir ki, jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir. Əlbəttə, narahatlıq başa düşüləndir, çünki mediada təhqir və böhtan  dolu yazılar baş alıb gedir. Ancaq bu o demək deyil ki, Diffamasiya haqqında qanun qəbul olunarkən hamı məsuliyyətdən azad olunmalıdır. 
Qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında Azərbaycanda diffamasiya sahəsində moratoriumun olduğunu dəfələrlə vurğulayıb. On ildən çoxdur ki, faktiki olaraq ölkədə heç kim, o cümlədən heç bir jurnalist Cinayət Məcəlləsinin 147-ci, 148-ci maddələri ilə azadlıqdan məhrum  edilməyibdir. Azərbaycan Mətbuat Şurası da bunları əsas tutaraq diffamasiya ilə bağlı təkliflər hazırlayıb. Bu təkliflər müəyyən mənada qanun layihəsi əhəmiyyətini daşıyır. ATƏT-in Bakı Ofisi ekspertiza dəstəyi göstəribdir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, ATƏT və Avropa Şurasının təmsilçilərindən ibarət  nümayəndə heyəti ayrı-ayrı dəyirmi masalarda, konfranslarda bu məsələni dəfələrlə müzakirə ediblər. Hesab edirəm ki, bizim hazırladığımız sənəd ilkin variant kimi əsas götürülə bilər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsində, Əli müəllimdə bu sənəd var. Mən elə bilirəm ki, bu, kifayət qədər vacib bir məsələdir.
Növbəti bir məsələyə də toxunmaq istəyirəm. Ölkədə gedən devalvasiya kütləvi informasiya vasitələri üçün də ciddi problemlər yaradıbdır. Ölkəyə gətirilən qəzet kağızının qiyməti 100 faizdən, çap xərci 50 faizdən çox artıbdır. Üstəlik olaraq da ölkəyə gətirilən qəzet kağızına və hazır çap məhsullarına əlavə dəyər vergis   yanvarın 1-dən bərpa olunubdur. Biz həmişə öyünürdük ki, Azərbaycanda kütləvi informasiya vasitələri əlavə dəyər vergisindən azaddır. Mən elə bilirəm ki, mətbuatın problemini aradan qaldırmaq üçün əlavə dəyər vergisinin aradan qaldırılması məsələsini gündəmə gətirsək, daha yaxşı olar.
Bir məsələyə də toxunmaq istəyirəm. Burada  Siyavuş müəllim informasiya təhlükəsizliyi ilə bağlı məsələ qaldırdı. Bizdə “Milli təhlükəsizlik haqqında” Qanun var. Ancaq bu qanunda informasiya təhlükəsizliyi məsələsi ötəri gedir. Mən elə bilirəm ki, Siyavuş müəllimin burada qaldırdığı həmin məsələ məhz bizdə İnformasiya təhlükəsizliyi haqqında qanunun olmaması ilə bağlıdır. Doğrudan da, əgər belə bir qanun olsa, həm ölkə daxilində, həm də ölkə xaricində bizə aid olan informasiya məkanını yetərincə qoruya bilərik. Belə bir qanun layihəsi də payız sessiyasının qanunvericilik işləri planına salınsa, xalqımız üçün əhəmiyyətli olar. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, aşağıda və yuxarıda əyləşən dəyərli həmkarlar! Mən də  2016-cı ilin yaz sessiyasının qanunvericilik işləri planına səs verəcəyəm. Məndən öncə həmkarlarım iş planındakı bir çox mühüm qanunlara toxundular. Mən də həmin qanunların aktuallığını bölüşürəm və fikirləşirəm ki, bu qanunların qəbulu yeni, yetkin cəmiyyət quruculuğu prosesində yaxşı qanunvericilik bazası rolunu oynayacaqdır.
Mən xüsusi olaraq Kinematoqrafiya haqqında qanun layihəsinə toxunmaq istəyirəm. Bununla bağlı tez-tez danışılır. Düzdür, bizdə son zamanlar bədii, sənədli filmlərlə bağlı problemlər var, amma bu sahədə az-çox işlər görülür. Hazırda ideoloji cəbhədə, xüsusilə dövlətlərarası mübarizədə, hətta mən deyərdim ki, Dağlıq Qarabağ məsələsi ətrafında gedən informasiya savaşında daha çox animasiya filmlərindən istifadə olunur. Özü də bundan çox intensiv şəkildə istifadə olunur.
Çox təəssüflər olsun ki, bizdə animasiya filmləri sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. Düzdür, elə bir qurum var, amma verilən sifarişləri belə zamanında icra edə biləcək çevik kollektiv yoxdur. Mən fikirləşirəm ki, bu, doğrudan da, önəmli məsələdir və buna həm də ideoloji işin mühüm bir sahəsi kimi yanaşmaq lazımdır. Ümid edirəm ki, yaz sessiyasında bu qanun qəbul ediləcək.
İnformasiya təhlükəsizliyi haqqında danışıldı. Məndən öncə çıxış edən həmkarlarım, hörmətli Siyavuş müəllim, Əflatun müəllim bu məsələyə toxundular. Mən bu məsələni bir neçə dəfə qaldırmışam. Düzdür, bizdə “Milli təhlükəsizlik konsepsiyası haqqında” Qanun, “Dövlət sirri haqqında” Qanun və  kütləvi informasiya vasitələri ilə bağlı qanunlar var. Bu qanunlarda informasiya təhlükəsizliyi məsələsi bu və ya digər sahədə müəyyən dərəcədə tənzimlənir. Amma nəzərə alaq ki, hazırda  həm NATO-da, həm Rusiyada informasiya təhlükəsizliyinin  müstəvisində hansı  addımları atırlar? Sosial şəbəkələr üzərində bu dəqiqə hansı fikirlər cəmləşdirilir, hansı xüsusi qurumlar formalaşdırılır? Müəyyən boşluqları nəzərə alaraq mənə elə gəlir ki, doğrudan da, İnformasiya təhlükəsizliyi haqqında qanunun qəbuluna ehtiyac var.
Sonda bir məsələni demək istəyirəm. Mənə elə gəlir ki, biz artıq işğal altındakı torpaqlarla bağlı bir qanun layihəsi hazırlamalıyıq. Bu bizim beynəlxalq müstəvidə çox işimizə yarıya bilər. Eyni zamanda, keçən dəfə cənab Prezident də öz çıxışında Minsk qrupu həmsədrlərinin mənfi fəaliyyətini vurğuladı. Bunlar bu prosesi monopoliyaya almaqla bir növ özlərini işğal altındakı torpaqların az qala yiyəsi kimi aparırlar. Bu torpaqlar Azərbaycan Respublikasının, Azərbaycan xalqının torpaqlarıdır. Bu qanun o baxımdan lazımdır.
Digər tərəfdən, işğal ərazilərinə yaxın həmsərhəd rayonların statusu ilə bağlı bir qanun layihəsinə də ehtiyac var. Cənab Prezident də icra hakimiyyəti orqanları qarşısında sahibkarların rayonlara cəlb edilməsi, iş yerlərinin açılması məsələsini qoydu. Cəbhəyanı bölgələrdə vəziyyət digər bölgələrdən daha ağırdır və sahibkarların ora gəlməsi məsələsi bu baxımdan çətinləşir. Ona görə də güzəştli vergi şərtləri və sairi nəzərə alan bir qanun layihəsinə ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rəşad Mahmudov.
R.Mahmudov. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən vaxtın qısa olmasını nəzərə alaraq çox vacib bir məsələ ilə əlaqədar fikrimi konkret ortaya qoymaq istəyirəm.
Bildiyiniz kimi, əhalinin sağlamlığının qorunması istiqamətində ölkəmizdə böyük işlər görülür. Son illərdə səhiyyənin inkişafı ilə əlaqədar istər regionlarda, istərsə də mərkəzdə ciddi islahatlar həyata keçirilir, maddi-texniki bazası yüksəldilmiş xəstəxanalar fəaliyyət göstərir. İcbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar cənab Prezident icra orqanların üzərinə böyük bir məsuliyyət qoyub. Əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün lazımi dövlət tədbirlərinin görülməsi ilə əlaqədar hazırlıq işləri gedir. 
Mən bu gün olduqca vacib bir məsələni dilə gətirirəm. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda   yer almayan “klinik protokol” ifadəsinin 34-cü maddəyə əlavə edilməsinin vacib olmasını nəzərinizə çatdırmaq istəyirəm. Bunu əsaslandırmaq olar ki, səbəb bu gün respublikamızda klinik protokolun normativ hüquqi statusunun olmamasıdır. Hamımıza məlumdur ki, bu sənədin olmaması səbəbindən icbari tibb sığortanın həyata keçirilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi və digər qurumlar arasında ciddi problemlər əmələ gəlir.
Mən  sizə əminliklə bildirmək istəyirəm ki, əgər klinik protokollar hüquqi statusa malik olan bir sənəd halına dönməsə, uzun illər aparacağımız mübarizələrə baxmayaraq, hər bir həkimin müalicəsinin nəzarət  mexanizmi üçün  sığorta şirkətləri tərəfindən bir o qədər də işçinin onların nəzarəti üçün alınmasına ehtiyac olacaq. Bunu nəzərə alaraq “klinik protokol” ifadəsinin mütləq “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əlavə edilməsinin vacibliyini bildirmək istəyirəm. Klinik protokollar, əslində, sübutlu təbabətin mənbəyi sayılır və hazırlanarkən mütləq sürətdə yeni, təhlükəsiz müalicə və müayinə metodlarının, dərmanların istifadəsini saxlayır. Bu hadisənin üzərinə qısa müddətdə düşülməsi, həm də dövlətin səhiyyə sahəsində islahatları daha sürətli aparmasına səbəb olacaqdır.
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, klinik protokollar Səhiyyə Nazirliyinin xüsusi orqanları tərəfindən hazırlanmağa başlanmışdır, amma bunun hüquqi statusu olmadığı üçün gələcəkdə bir çox problemin qarşımıza çıxmasına səbəb olacaq. Ən birincisi, müalicənin elmi əsası olan yeni, səmərəli və təhlükəsiz sisteminin tətbiqi ilə əlaqədar şübhələr yaradacaq, həkim və xəstə hüquqlarının qorunmasında, tibbi xidmətin həcminin və xərclərinin hesablanmasında problemlər doğuracaq. Tibbi sığorta sistemində tibbi xidmət keyfiyyətinin ekspertizasının aparılması üçün çətinliklər yaradacaq. Eləcə də klinik protokolların tibb işçilərinin təkmilləşdirilməsinə birmənalı köməyi olacağı inancındayam. Ən əsası ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başladıqdan sonra dövlət tərəfindən göstərilən tibbi xidmət proqramının zəmanətini əsaslandırmaq üçün bu protokolların hüquqi sənəd kimi tanınmasına ehtiyac olmasını bir daha vurğulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rəşad müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, biz artıq bir saatdır, 5-ci məsələni müzakirə edirik. Hesab edirəm, kifayət qədər fikirlər səsləndi. Kimin təklifləri varsa, komitələrə müraciət edə bilər.
Bir məsələni də sizdən xahiş edirəm. Mən fikir verirəm, bayaqdan gözəl təkliflər veririk, fikirlər söyləyirik. Amma mən eşitmədim, bir adam desin ki, bu qanun layihəsini mən tərtib eləmişəm, buyurun, bunu qəbul eləyin. Siz qanunvericilik təşəbbüsü hüququnun subyektisiniz. Buyurun, qanun layihələrini təqdim eləyin. Təklif verməklə iş bitmir, iş görmək lazımdır. Ona görə xahiş edirəm, gəlin, məsələni yekunlaşdıraq və 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planına münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Komitə sədri Səməd Seyidov, buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitənin sədri.
Çox sağ olun, Ziyafət müəllim, minnətdaram. Bu qanun layihəsini biz komitəmizdə çox geniş müzakirə etmişik. Hesab edirəm ki, bu gün Azərbaycan–Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət verilməlidir. Bu gün iki ölkə arasındakı münasibətlər yalnız Azərbaycan–Gürcüstan münasibətlərini yox, regionda gedən prosesləri istiqamətləndirmə imkanını özündə ehtiva edir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının Prezidentinin apardığı siyasət bu sənəddə tam şəkildə öz əksini tapmışdır.
Hörmətli Ziyafət müəllim, iclasdan əvvəl hörmətli Tahir müəllim mənə yaxınlaşdı və bildirdi ki, sənəddə balaca bir texniki anlaşılmazlıq var. Zəhmət olmasa, ən axırıncı bəndə baxın. Bəndin özünü axıra kimi oxumayacam. Burada yazılıb ki, bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin 2016-cı ildə başlanmasına əmin olduqlarının... Bu layihə çoxdan başlayıb. Ona görə “başlanmasına” yox, “başa çatdırılmasına əmin olduqlarını bir daha təsdiq edirlər” yazılmalıdır. Hesab edirəm, bu, texniki bir səhvdir. Bunu nəzərə almadan sənədin ümumi mahiyyətini, onun fəlsəfəsini və bu məsələlərlə bağlı Azərbaycan–Gürcüstan münasibətlərini biz parlamentdə yüksək səviyyədə dəstəkləməliyik.
İkinci, Ziyafət müəllim, mən də hörmətli Fazil müəllimin dediklərinə qoşuluram, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurasında nümayəndə heyətinin bu sessiyadakı fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, həm bu sessiyada qəbul olunmuş sənədlər, həm hörmətli Sahibə xanımın ilk dəfə Avropa Şurasının komitə sədri və büro üzvü səviyyəsinə yüksəlməsi, həm Sevinc Fətəliyevanın Avropa Konservatorlar Partiyasının büro üzvü seçilməsi, həm də Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin Azərbaycanın maraqlarını fəal şəkildə müdafiə etmələri təqdirəlayiqdir.
O ki qaldı mətbuatda bəzi məsələlərin şərh olunmasına, mən həmkarlarımdan və mətbuatdan xahiş edirəm, bu məsələlərlə bağlı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət eləsinlər. O, bütün məsələlərə aydınlıq gətirə bilər. Mən səhhətimlə bağlı bu sessiyada iştirak edə bilmədim, ancaq öz minnətdarlığımı rəsmi olaraq müavinim Vüsal müəllimə bildirmək istəyirəm. O, nümayəndə heyətinin sədr müavinidir və işləri yüksək səviyyədə təşkil etmişdir. Ona görə bir də nümayəndə heyətini ürəkdən təbrik edirəm. Hörmətli həmkarlarımı bu qanun layihəsini təsdiq etməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Ziyafət müəllim, söz verdiyiniz üçün təşəkkür eləyirəm. Mən bu bəyannamənin təsdiq olunmasına səs verəcəyəm. Hörmətli Ziyafət müəllim, Siz yəqin ki, xatırlayırsınız, vaxtı ilə biz  NATO Parlament Assambleyasının Parisdə keçirilən toplantısında Nino Burcanadzeyə sual vermişdik ki, Kosovo probleminin həll variantı keçmiş sovet respublikalarındakı münaqişələrə şamil oluna bilərmi? Onun cavabını yəqin ki, çox gözəl xatırlayarsınız. Söylədi ki, bunu nə Moldovaya, nə də Gürcüstana şamil etmək olar. Azərbaycanın adını çəkmədi.
İndi burada Səməd müəllim, Fazil müəllim məlumat verdilər. Məndə olan məlumata görə, AŞPA-nın axırıncı iclasında bizim işğal olunmuş ərazilərlə bağlı qətnamə layihəsinə, çox təəssüf ki, Gürcüstan nümayəndə heyətinin bəzi üzvləri səs verməyiblər. Bəli, iki nəfər hətta əleyhinə səs verib. Nümayəndə heyətinin üzvləri Fazil müəllim də, Müslüm müəllim də burada əyləşiblər, yəqin ki, Səməd müəllim də təsdiq eləyər.
Mən, əvvəla, qeyd eləmək istəyirəm ki, “Sərsəng” su anbarı ilə bağlı qətnamənin qəbul olunması Azərbaycan diplomatiyasının çox böyük  uğurudur. İndiyə qədər heç bir beynəlxalq sənəddə Ermənistan   işğalçı dövlət kimi qeyd olunmurdu. Hər yerdə yalnız erməni silahlı birləşmələri, erməni qüvvələrindən söhbət gedirdi. Ermənistan da bununla manipulyasiya edirdi. Amma birinci dəfədir ki, Ermənistan Respublikası işğalçı dövlət kimi qeyd olunur.
İşğal olunmuş ərazilərlə bağlı sənədin qəbul olunmamasına gəldikdə isə biz hər zaman bilirdik ki, ümumiyyətlə, ATƏT-in Minsk qrupunda, Fransada və Amerika Birləşmiş Ştatlarında güclü erməni lobbisi var və o ölkələrin siyasi elitası erməni diasporunun tam nəzarəti altındadır. Bu dövlətlərdə hakimiyyətlər dəfələrlə dəyişsə də, onların məsələyə münasibəti dəyişmir. Rusiya da Ermənistanın hərbi-siyasi müttəfiqidir. Bunların da AŞPA-ya müraciət eləməsi və Ermənistan xarici işlər nazirinin və onun müavinlərinin bir-bir ölkələri gəzib onlardan dəstək istəməsi, bizim Xarici İşlər Nazirliyinin isə, sadəcə, kənar-dan prosesləri seyr eləməsi, – hətta o da bəlli deyil ki, seyr eləyir, yoxsa yox, – ona gətirib çıxardı ki, orada işğal olunmuş ərazilərlə bağlı qətnaməni qəbul etməyə cəmi 4 səs çatmadı.
Sonda onu söyləmək istəyirəm ki, Azərbaycanın bəzi beynəlxalq qurumlarla, bəzi qərb dairələri ilə münasibətlərinin gərgin olduğu bir vaxtda “Sərsəng” su anbarı ilə bağlı bu qətnamənin qəbul olunması Azərbaycan dövlətinin, Azərbaycan parlamentinin, Azərbaycan diplomatiyasının böyük uğurudur. Mən buna görə də bizim nümayəndə heyətini və bu işdə zəhməti olan kəsləri, Elxan Süleymanovu, Müslüm müəllimi xüsusi qeyd eləmək istəyirəm. Sahibə xanımı da komitə sədri təyin olunması münasibəti ilə təbrik eləyirəm.
Sonda istəyirəm, bayaq dediyim məsələni bir daha qeyd eləyim. Biz bunu təsdiq eləməklə Gürcüstan tərəfinin diqqətinə bir daha çatdırmalıyıq ki, belə strateji tərəfdaşlıq olmaz. Belə ikiüzlülük və siyasi riyakarlıq olmaz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən də istərdim, bu məsələ ilə bağlı qısaca öz fikrimi söyləyim. Hadisələrin təhlili o nəticəyə gəlməyi əsas verir ki, əslində, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti böyük iş görüb, çox güclü təzyiqlərə baxmayaraq, mühüm bir qətnamənin qəbuluna nail olub. Hətta bəzən belə yanaşmaların şahidi oluruq ki, deyirlər, gərək Azərbaycan nümayəndə heyəti iki qətnamənin eyni vaxtda müzakirəyə çıxarılmasına getməyəydi. Mən hesab edirəm ki, bu yanaşma düzgün deyil. Əgər fasilə ilə olsaydı, yəni bir neçə gündən sonra ikinci qətnamə müzakirəyə çıxarılsa idi, bu halda yenə həmin ermənipərəst qüvvələr ciddi-cəhdlə çalışacaqdılar ki, bu qətnamə də qəbul edilməsin. Hesab edirəm, eyni vaxtda iki qətnamənin müzakirəyə çıxarılması taktiki baxımdan da bizim uğurlu gedişimiz idi.
Hadisələrin gedişi və təhlili bu qənaətə gəlməyə əsas verir ki, bu məsələdə ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşdü və onlar 3 məsələni heç istəmirlər. Birincisi, münaqişənin tənzimlənməsi ilə bağlı siyasi mövqeyin dəyişməsini, ikincisi, münaqişə ilə bağlı status-kvo vəziyyətinin dəyişilməsini, üçüncü, münaqişəni beynəlxalq hüququn ərazi bütövlüyü çərçivəsində həllini istəmirlər. Bu reallıq bəllidir. Bu, təşkilatla əməkdaşlıq məsələlərimizdə bizi düşünməyə vadar etməlidir.
Eyni zamanda, AŞPA-dakı müzakirələr və yekun nəticə daha bir həqiqəti üzə çıxardı. Həmin həqiqət ondan ibarətdir ki, Baltikyani ölkələr və Çexiya ilə bağlı siyasətimizdə müəyyən mənada boşluqlar yaranıb. Çünki hər 3 Baltikyani ölkə və Çexiya hər zaman Azərbaycanın mövqeyini müdafiə ediblər. Nə baş verib ki, indi bu olmadı? Hesab edirəm ki, bu da düşünməyə əsas verir və bu istiqamətdə daha çox işləmək lazımdır.
Sonda bir təkliflə çıxış etmək istəyirəm. Bütün qeyd etdiklərimdən sonra təklifim belədir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutan yüksək səviyyəli konfransın keçirilməsinə ehtiyac yaranıb. Qısaca bunları demək istədim. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, sizdən bir xahişim var. Mən bunu dəfələrlə deməyə məcburam. Çox xahiş edirəm predmet, qanun layihəsi üzrə danışaq. ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar haqqında burada kifayət qədər söhbətlər olub. Düzdür, bu gün gündəlikdəki məsələlərin çoxluğuna görə o yarım saatlıq vaxta imkan olmadı, amma, ümumiyyətlə, mətbuatda, digər yerlərdə bu barədə kifayət qədər danışmışıq, demişik. Səməd müəllim sənədin mahiyyəti ilə bağlı müəyyən qədər məlumat verdi. Olarmı ki, qanun layihəsinə münasibət bildirək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Hikmət müəllim.
H.Məmmədov. Hörmətli millət vəkilləri, mən predmet üzrə danışmağa çalışacam. Bu bəyannamədə öz əksini tapan 3 məsələyə toxunmaq istəyirəm. Bunlardan birincisi, sərhədlərin delimitasiyasıdır. Doğrudan da, bu, çox ciddi bir məsələdir. Gürcüstan bizim strateji tərəfdaşımızdır. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlığımız mövcuddur, ancaq nədənsə Keşikçi dağı ətrafında olan bir zolaqda Azərbaycan sərhədlərini Gürcüstanla delimitasiya edə bilmir. Hesab edirəm ki, birgə bəyannamədə olan çağırışdan müvafiq dövlət strukturları bir fürsət kimi istifadə edərək bunu sürətləndirməlidirlər. Bu, bəyannamədə də öz əksini tapıbdır.
Burada ikinci məsələ turizmin inkişafı və iqtisadi ticarət əlaqələrinin daha da genişlənməsi ilə bağlıdır. Bayaq hörmətli Musa müəllim də bu məsələyə toxundu. Məncə gömrükdəki münasibətlərin bir qədər də liberallaşmasına ehtiyac var. Gürcüstan–Azərbaycan sərhədyani ticarətinin inkişaf etdirilməsinə əgər bir qədər liberal yanaşılarsa və faizlərdə güzəştlər olarsa, doğrudan da, bu daha məqsədəmüvafiq olar.
Başqa bir məsələ turizmlə bağlıdır. Çox təəssüf ki, bu günə qədər Gürcüstanla Azərbaycan arasındakı turizm əlaqələri birtərəflidir. Yəni bu, Azərbaycandan turistlərin Gürcüstana axını ilə bağlıdır. Tərsinə proses getmir. Yəni biz Gürcüstandan Azərbaycana turist cəlb edə bilmirik. Bax mən hesab edirəm ki, birgə bəyannamədə yüksək səviyyədə səsləndirilən fikirlər həm də Azərbaycanın turizm sektoruna bir çağırış olmalıdır. Bu ciddi bir məsələdir. Yeni bir turizm – tibbi turizm yaranıb. Bir vaxt azərbaycanlılar İrana üz tuturdu, indi yavaş-yavaş Gürcüstan dəbə düşür. Tibbi turizm orada inkişaf edir. Çox təəssüf ki, biz bunların qarşısında heç nə edə bilmirik. Ona görə hesab edirəm ki, müvafiq strukturlar bu çağırışa səs verməlidilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Mən hesab edirəm ki, Siz tamamilə haqlısınız. Millət vəkilinin hansı səviyyədə, hansı təşkilatda səs verməyindən asılı olmayaraq, Azərbaycan–Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır və bu istiqamətdə təqdim olunan qanun layihəsi də strateji əhəmiyyət daşıyan qanun layihəsidir. Bu, regionda vəziyyətə təsir imkanlarını genişləndirən bir sənəddir. Ona görə bu sənədi şübhə altına salmaq qətiyyən düzgün deyil. Buna səs verib qəbul etmək lazımdır.
İkinci, istəyirəm ki, millət vəkilləri bilsinlər. Biz bəzən bəzi məsələləri qeyd eləyirik, ancaq digərlərini yaddan çıxarırıq. Bu dəfə Avropa Şurasında  “Sərsəng” su anbarı ilə bağlı qəbul olunmuş sənəd həddindən artıq vacib  və əhəmiyyətlidir. Orada işğalçı göstərilib, bütün məsələlər göstərilib. Bu, Azərbaycan nümayəndə heyətinin uğurudur, bunu birmənalı qeyd etmək lazımdır.
Lakin bu, Avropa Şurasında ilk dəfə baş verib demək düzgün deyil. Cənab Prezidentin təşəbbüsü, hazırladığı sənədlər əsasında 2005-ci ildə 1416 nömrəli sənəd qəbul olunub. Onun içərisində etnik təmizləmələr də var, işğal da. Azərbaycan torpaqlarını viran qoymuş ermənilərin “fəaliyyəti” burada öz əksini tapıb. Bu, növbəti bir uğurdur, cənab Prezidentin siyasətinə növbəti bir dəstəkdir. Ancaq bunu ilk dəfə qəbul olunmuş sənəd kimi təqdim etmək, hesab edirəm, o qədər də düzgün deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim, təşəkkür edirəm. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşdirilməsi haqqında” Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsidir. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Bu sənəd də Azərbaycanın xarici siyasətinin nə dərəcə geniş, əhəmiyyətli olduğunu bir daha göstərir. Çin Xalq Respublikası dünyanın ən aparıcı ölkələrindən biridir. Bu gün bazar iqtisadiyyatının inkişafı Çində gedən iqtisadi proseslərlə birbaşa bağlıdır.
Bu gün biz Azərbaycan–Çin münasibətlərinin inkişaf mərhələsini yaşayan bir siyasətin şahidinə çevrilmişik. Bu siyasətin kökünü, əsasını qoyan ümummilli liderdir. Hörmətli Prezidentimiz Azərbaycan–Çin münasibətlərini məhz ona görə ən yüksək səviyyədə inkişaf etdirir ki, bu, İpək Yolunun ən vacib tərkib hissələrindən biridir. Çinsiz İpək Yolunun mövcudluğu real deyil. Bu gün ümummilli liderin, hörmətli Prezidentimizin fikirləşdikləri, arzuladıqları İpək Yolu Azərbaycan vasitəsilə, Çinin köməyi ilə bu kimi sənədlərlə reallaşmağa başlayıb. Komitəmiz belə bir sənədin qəbul olunmasına tərəfdar çıxmışdır və mən həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli Səməd müəllim Azərbaycan–Çin münasibətlərindən kifayət qədər danışdı. Bu saziş mülki hava nəqliyyatına dair hər iki dövlət arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir. Sazişin bağlanmasında məqsəd hər iki dövlətin müvafiq əraziləri arasında və kənarda müntəzəm hava əlaqəsini yaratmaqdır ki, bu da, heç şübhəsiz ki, iki ölkə arasında iqtisadi-ictimai əlaqələrin inkişafına kömək edəcəkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. 
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarım Səməd müəllim Azərbaycan və Çin arasında dostluq münasibətləri haqqında geniş məlumat verdi. Məhkumların verilməsi haqqında müqavilə sahəvi olsa da, əhəmiyyətlidir, çünki məhkumların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və insan hüquqlarını daha səmərəli qorumaq məqsədilə onların öz ölkələrində cəza çəkmələri vacibdir. Təəssüflər olsun ki, bir sıra hallarda hər iki ölkə ərazisində həmin ölkələrin vətəndaşları cinayət törədirlər və buna görə məhkum olunurlar. Amma bizim vəzifəmiz həmin məhkumları öz ölkələrinə qaytarmaq, onları doğmalarına daha  yaxın etməkdir. Bu müqavilənin əhəmiyyəti bundan ibarətdir. Yəni hər iki ölkə bir-birinin hüquq sisteminə hörmətlə yanaşır və məhkumların verilməsinə dair müqavilə imzalayır. Mən hesab edirəm ki, buna səs vermək lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Birləşmiş Millətlər Təşkilatının Malların beynəlxalq alğı-satqısı üzrə müqavilələrə dair Konvensiya”sına qoşulmaq barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Adı çəkilən konvensiya istehlakçılarla alğı-satqı, xidmətlərin alğı-satqısı və həmçinin xüsusi olaraq müəyyən olunmuş mal növlərinin (qiymətli kağızlar, pul, hava və su gəmiləri və sair) alğı-satqısı istisna olmaqla, sahibkarlıq subyektləri arasında malların beynəlxalq alğı-satqısını tənzimləyir. Azərbaycan Respublikasının “Malların beynəlxalq alğı-satqısı üzrə müqavilələrə dair Konvensiya”ya qoşulması, şübhəsiz ki, bütövlükdə Azərbaycanda bu münasibətlərin tənzimlənməsinə imkan verəcəkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə bağlı Tahir Kərimli çıxış eləmək istəyir. Buyurun.
T.Kərimli. Təşəkkür edirəm, qısa çıxış edəcəyəm. Əsas fikrim bəyanatla bağlıdır. Bəyanatda göstərilir ki, Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan  Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir. Bura sxematik xəritə əlavə olunur. 
Sxematik xəritədə bir sıra adların ermənicə olmasını beynəlxalq hüquqdan başa düşürəm. Mardakert, Əskəran, Martuni, Hadrut. Amma bir məsələ məni narahat edir. Çünki təkcə Dağlıq Qarabağ və 7 rayondan söhbət getmir. Elə bu sxematik xəritədə də göstərilir ki, Ermənistan bizim Qazax rayonunun ərazisindən xeyli ərazi işğal edib. Eyni zamanda, Naxçıvandan, Sədərək tərəfdən Kərki də işğal olunub. İndi çox qəribə bir vəziyyət yaranır. Dağlıq Qarabağ və 7 rayon üçün bəyan edirik ki, təminat vermirik, amma Azərbaycanın şübhə olunmayan ərazisinin adı orada yoxdur. Mən arzu edərdim ki, bu adlar da bəyanata əlavə olunsun. Bu həm də sübut eləyər ki, Ermənistan birbaşa Azərbaycan Respublikasının beynəlxalq hüquqda mübahisəli sayılmayan ərazilərini də işğal eləyib.
Digər bir arzumu da bildirmək istərdim. Azərbaycan 84-cü ölkədir ki, bu konvensiyaya qoşulur. Keçmiş SSRİ respublikalarından yalnız 3 Orta Asiya respublikası buna qoşulmayıb. Yaxşı olardı ki, bu və ya digər konvensiyalara, – əgər növbədə belələri varsa, – vaxtında qoşulaq. Mən konvensiyanın bütün müddəaları ilə tanış oldum və demək olar ki, Azərbaycanın ziddinə heç bir maddəyə rast gəlmədim. Təşəkkür edirəm.
Sədrlik edən. Ziyad müəllim, əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Monteneqro Hökuməti ilə Azərbaycan Hökuməti arasında iqtisadi sahədə əməkdaşlıq genişlənir. Ölkə iqtisadiyyatının inkişafına təsir edən mühüm amillərdən biri də gömrük siyasətidir. Azərbaycan Respublikasında gömrük siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirilir.
İki ölkə arasında gömrük münasibətlərinin və gömrük məsələləri üzrə qarşılıqlı yardımın inkişafı üçün saziş böyük əhəmiyyət kəsb edir. Saziş beynəlxalq standartlara uyğun hazırlanmışdır. Bu xarakterli sazişlər Milli Məclisdə dəfələrlə müzakirə olunmuşdur. Təklif edirəm ki, bu qanun layihəsinə də müsbət münasibət bildirək.
Sədrlik edən. Buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Sağ olun, Ziyafət müəllim. Bildiyiniz kimi, Miqrasiya Məcəlləs vizaların verilmə məsələsini də tənzimləyir. Belə ki,  Miqrasiya Məcəlləsinin 18-ci maddəsinə görə turistlərə verilən elektron vizanın müddəti ən geci on gündür. Ölkəmizdə turizmin inkişafının daha da sürətləndirilməsi məqsədilə qanunvericilik subyekti tərəfindən bu müddətin iki dəfə azaldılması, yəni 5 iş gününə keçilməsi təklif olunur. Məncə, bu çox əhəmiyyətli və bizim tərəfimizdən də dəstəklənən qərardır. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Elə qanunun adından göründüyü kimi, Şəhərsalma və Tikinti Məcəlləsinin hüquqi tənzimlənməsi ilə bağlıdır. Belə ki, zamanında parlamentdə yaradılmış işçi qrupu Şəhərsalma və Tikinti Məcəlləsini hazırladı və o zaman biz müvafiq nazirliklər və icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlıq etdik. Bu prosesə almaniyalı ekspertlər də cəlb olunmuşdu. Birmənalı demək olar ki, Şəhərsalma və Tikinti Məcəlləsi tam müasir standartlara cavab verən bir qanundur.
Şəhərsalma və Tikinti Məcəlləsinin 19-cu maddəsində müəyyənləşdirilmişdi ki, məcəlləyə uyğun olaraq ərazi planlaşdırılması növlərindən biri olan müfəssəl plan hazırlanmalıdır. Bunun üçün də məcəllədə 2016-cı ilin yanvar ayının 1-ə qədər 3 il vaxt verilmişdi. Amma hazırda bütün şəhər və qəsəbədə yaşayış məntəqələrinin ərazilərinin müəyyən hissəsinin müfəssəl planının hazırlanması işi, təəssüf ki, başa çatmamışdır. Çünki bu elə də asan iş deyil. İlk dəfədir görülür, gərək bunu da nəzərə alaq.
Bu baxımdan müddətin daha bir il uzadılması təklif olunur. Məncə, biz bunu nəzərə almalıyıq və bunun üçün şərait yaratmalıyıq. Eyni zamanda da, ümidvarıq ki, müvafiq orqanlar bu işi bir il ərzində həyata keçirəcəklər, çünki məcəllənin bu müddəası məhz müfəssəl plan əsasında həyata keçirilməlidir. Yəni bunlar bir-biri ilə üzvi surətdə bağlı olan müddəalardır. Ümidvarıq ki, bir il müddətində bu iş başa çatdırılacaqdır. Çox sağ olun.
Sədrlik edən. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Ziyafət müəllim, məsələ burasındadır ki, gündəlikdəki üç qanun layihəsinə – “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklər eyni məsələdir. Yəni “Polis haqqında” Qanuna etdiyimiz dəyişiklik digər iki qanunda öz əksini tapır.
Bildiyiniz kimi, hazırda cinayət qanunvericiliyində “mənzil” yox, “yaşayış yeri” anlayışı mövcuddur və hər üç qanuna təklif olunan dəyişikliklərin yeganə məqsədi var. Bu, polis əməkdaşlarının qanunsuz olaraq şəxsin razılığı olmadan yaşayış yerinə və yaxud da müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısının alınmasıdır. Bu, əslində, “Polis haqqında” Qanunda öz əksini tapır, biz ona səs verəcəyik. Eyni zamanda, digər iki qanunda da bu öz əksini tapmalıdır, çünki polisin səlahiyyətləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun və Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir. Eyni məsələ digər iki qanunda da öz əksini tapmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, xırda qeydlərim var. “Polis haqqında” Qanunun birinci maddəsinə edilən dəyişikliklər haqqında arayış olmadığına görə fikrimi bildirməkdə çətinlik çəkirəm, amma başqa qeydlərim var. “Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir” məzmunlu III-I maddənin əlavə olunmasına, mən bilmirəm, baxılsın, amma birinci və ikinci maddədə elə inzibati qaydada tutulma və həbsin əsasları göstərilib. Yəni burada məsələlər təkrar olunur. Eyni zamanda, bu, 21-ci maddənin ikinci hissəsində də əlavə kimi göstərilir.
İkinci qeydim bundan ibarətdir ki, 25-ci maddəyə təklif olunan mətnlə mövcud mətn eyni redaksiyada verilib. Belə başa düşürəm ki, düzəlişlər təklif olunan mətndə “mənzilə” sözündən sonra “yaşayış yerinə” sözləri olar, çünki hamısı dəyişdirilib. Ümumiyyətlə, o məsələyə toxunmaq istəyirəm ki, Konstitusiyada “mənzil hüququ” sözləri burada da gedir. Yaxşı olardı ki, bu açılsın. Ümumiyyətlə, burada çoxlu sayda “mənzil” sözü “yaşayış yeri” ilə əvəz olunub.  Amma bir sıra yerlərdə “mənzil hüququ” yazılır. Tam aydın olmaya bilər ki, “mənzil toxunulmazlığı” sözləri “yaşayış yeri”nin  hamısına şamil olunur. Belə düzəlişlər olsa, yaxşı olar.
Sədrlik edən. Sağ olun. Tahir müəllim, mən bu məsələyə bir-iki kəlmə ilə aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, hər üç qanun layihəsində qoyulan məsələlər tamamilə yerindədir. O yerdə ki, mənzil hüququdur, orada söhbət mənzil hüququnun məhdudlaşdırılmasının qarşısının alınmasından gedir.
Tamamilə doğru qeyd elədiniz, Konstitusiyamızda qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşının mənzil hüququ var. “Polis haqqında” Qanuna və ya digər qanunlara əsasən əgər polis mənzilə daxil olursa, sözsüz ki, o vətəndaşın mənzil hüququ mütləq təmin olunmalıdır. Amma o yerdə ki, mənzil hüququ yaşayış yeri ilə əvəz olunur, burada söhbət ondan gedir ki, bəzən cinayətkarlar mənzildə yox, ona aid olmayan digər yaşayış yerində yaşayırlar. Söhbət ondan gedir ki, polisin qanunda nəzərdə tutulmuş hallarda həmin yaşayış yerinə daxil ola bilmək imkanı olsun. Söhbət bu hallardan gedir.
Əslində, hər üç qanunda vətəndaşın mənzil hüququnun məhdudlaşdırılmasının qarşısının alınmasından söhbət gedir. Yəni qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla heç kəs vətəndaşın icazəsi olmadan, Konstitusiyada göstərildiyi kimi, onun mənzilinə daxil ola bilməz. Söhbət bundan gedir.
Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, “Polis haqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azər-baycan Respublikası qanununun layihəsinə  münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bugünkü gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bildiyimiz kimi, cənab Prezident tərəfindən 2015-ci il martın 18-də ümumi istifadədə olan avtomobil yolların qorunması ilə bağlı sərəncam verilmişdi. Bu sərəncam, əslində, yolların qorunması ilə bağlı iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətini tənzimləyirdi. Belə ki, bu məsələlər hazırda elektron tərəzi, foto və video qeydiyyatına da düşə bilir. Amma bizim qanunvericilikdə belə halda inzibati icraatın aparılması qaydası mövcud deyildi.
Ona görə də 163-1-ci maddə yeni redaksiyada verilir. Söhbət iri qabaritli nəqliyyat vasitələrinə icazə verilən o qabaritin kütlə parametrlərinin tələblərinin pozulmasıdır. Bu, əslində, əvvəl də mövcud idi, amma bu tələblər pozularkən, bu pozuntular elektron tərəzi, foto və video qeydiyyata düşərkən icraat necə aparılmalıdır, o, yox idi. 429-9-cu maddədə bu hallarda inzibati icraatın necə aparılması sadalanmışdır. Yəni sərəncamın həyata keçirilməsindən irəli gəlir. Amma, eyni zamanda, maddələrdə dəqiq göstərilir ki, belə hallarda Dövlət Yol Polisi icraatı hansı qaydada aparmalıdır. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU