14.02.2017 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ
PROTOKOLU № 34
Milli Məclisin iclas salonu.
14 fevral 2017-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 116 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 104
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Fazil Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi əvəzi.
Ruslan Osmanlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsi rəisinin vəzifəsini icra edən.
Hafiz Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Səfa Cəfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının sədri.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələr Milli Assosiasiyasının sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələr Milli Assosiasiyasının sədri.
* * *
Vüqar İsayev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisinin müavini.
* * *
Mətin Eynullayev, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Laləzar Cəfərova, Azərbaycan Respublikası Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri.
Teymur Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat komitəsinin sektor müdiri.
Sübhan Ağakişiyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında.
2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
3. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
6. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Azay Quliyev, Məlahət İbrahimqızı, Səməd Seyidov, Əli Məsimli, Azər Badamov, Fazil Mustafa, Siyavuş Novruzov, Fərəc Quliyev, Aydın Mirzəzadə
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 108
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Zahirov, Ziyafət Əsgərov, Arif Rəhimzadə, Fazil Mustafa, Elmira Axundova, Əli Məsimli, Siyavuş Novruzov, Fərəc Quliyev, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Bahar Muradova, Çingiz Qənizadə, Kamran Bayramov, Fəzail İbrahimli, Adil Əliyev
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Rövşən Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.08 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
5. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Fazil Mustafa, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Əflatun Amaşov, Elmira Axundova, Xanhüseyn Kazımlı, Azay Quliyev, Siyavuş Novruzov
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.20 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, 1–20-ci
maddələri qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Təklif: 21–27-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.10 dəq.)
Lehinə 105
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.11 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.14 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
6. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, İsa Həbibbəyli, Ziyafət Əsgərov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Valeh Ələsgərov, İlham Əliyev, Azay Quliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
14 fevral 2017-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 104
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 108
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun.
Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, bir neçə gün öncə Fransa prezidenti Fransua Olland erməni diasporu ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etmək prinsipinin əsas prinsip olduğunu qeyd etmişdir. Bununla da o, “Dağlıq Qarabağ xalqı öz taleyini həll etməlidir” tezisini açıq şəkildə təkrarlamışdır.
Təəssüflər olsun ki, Fransa prezidenti hələ bir az da qabağa gedərək bu məsələnin müzakirəsi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil edəcəyini bildirmişdir. Faktiki olaraq o, verdiyi bəyanatla Ermənistanın işğalçılıq siyasətinə və separatçı rejimə açıq dəstəyini ifadə etmişdir. Hesab edirəm ki, bu, yolverilməzdir. Heç kim düşünməsin ki, hakimiyyətinin sonuna iki ay qalmış Ollandın bu bəyanatı verməsi, sadəcə, ermənilərin könlünü almaqdan ibarətdir. Hesab edirəm, bu, heç də belə deyil.
Təəssüflər olsun ki, Fransanın münaqişə ilə bağlı sərgilədiyi siyasət həmişə birmənalı şəkildə ermənilərin xeyrinə olmuşdur. Statistikaya baxsaq, görərik ki, son illər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən, separatçı rejimlə ən çox əlaqələr quran məhz Fransadır. Ona görə də bu bizi kifayət qədər narahat edir. Fransanın beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə hörmətsizlik etməsi cavabsız qalmamalıdır.
Mən başa düşürəm ki, bu gün Fransa Minsk Qrupunun həmsədridir. Onun həmsədrlikdən uzaqlaşdırılması prosedur tələb edir. Bu, sadə bir prosedur deyil. Amma eyni zamanda da, hesab edirəm ki, Fransa prezidentinin bu bəyanatı cavabsız qalmamalıdır. Buna görə müəyyən diplomatik addımlar atılmalıdır. Ən azı Fransaya etiraz notası göndərilməli, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mövqeyinin onun daşıdığı mandata uyğun olmaması və bununla ziddiyyət təşkil etməsi bildirilməlidir.
Hətta siz fikir verin, Fransa prezidenti belə bir situasiyada prezidentlərin görüşünün təşkil edilməsi barədə bəyanatla çıxış edir. Biz əgər buna yumşaq qiymət versək, bu, qeyri-ciddi səslənir. Ümumiyyətlə, belə bir bəyanatdan, birtərəfli mövqe bildirəndən sonra prezidentlərin görüşünü təşkil etmək haqqında düşünmək ikrah hissi yaradır. Ona görə də bizim diplomatik korpusun nümayəndələri, Xarici İşlər Nazirliyi bu məsələyə adekvat münasibət bildirməli və Fransaya etiraz notası verilməlidir. Çox sağ olun.
Sədrlik edən. Azay müəllim, mən Sizin dediklərinizin hamısını çox yaxşı başa düşürəm. Ancaq demək istəyirəm ki, Fransa prezidentinin çıxışı erməni mətbuatında təhrif olunub, tam şəkildə verilməyib. Mən Səməd Seyidova bununla bağlı araşdırma aparmağı tapşırdım. Fransa saytlarına baxdılar, məlum oldu ki, həqiqətən, çıxışlar tam şəkildə təhrif olunub.
Ancaq mən Sizinlə razıyam ki, Madrid prinsiplərində ərazi bütövlüyünün adı çəkilməyib. Madrid prinsiplərinə istinad edərək deyib ki, müqəddəratını həll etmək hüququna malikdir. Ərazi bütövlüyü haqqında danışmayıb. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mənə 50-yə yaxın müəllim və 10-a yaxın uşaq təşkilatı müraciət edib. Belə ki, şəhərimizdə olan kino salonlarda uşaqlar üçün verilən filmlərin hamısı ya rus, ya da ingilis dilindədir. Onlar hətta monitorinq aparıblar. Çox nadir hallarda alt yazılar Azərbaycan dilində verilir ki, onu da 6 yaşından aşağı uşaqlar oxuya bilmir.
Biz “Televiziya və radio yayımı haqqında” haqqında Qanunda xarici filmlərin Azərbaycan dilinə tərcümə edilməsini tənzimləmişik. Amma bu uşaq filmləri ilə, daha doğrusu, kino salonlarda verilən filmlərlə bağlı, çox təəssüf ki, qanunda hər hansı bir maddə yoxdur. Xahiş edirlər ki, müvafiq qanunlarda bununla bağlı dəyişikliklər aparılsın. Hər kəs bilir ki, istər Azərbaycan dili ilə bağlı qəbul etdiyimiz qanunda, istərsə də ana qanunumuz olan Konstitusiyada Azərbaycan dilinin rəsmi dövlət dili olması göstərilib. Amma çox təəssüf ki, bu günə qədər bu, belə davam edir. Azərbaycan gənclərinin Şekspiri ingiliscə, Tolstoyu rusca, “Qurani-Kərimi” ərəbcə oxumasını ulu öndərimiz hər zaman çıxışlarında söyləyib. Amma biz, təbii ki, Azərbaycan dilimizi də unutmamalıyıq.
Digər buna uyğun bir problemi də demək istəyirəm. Azərbaycanın müxtəlif televiziya kanallarının sifarişi ilə seriallar çəkilir. Bu seriallarda, çox təəssüf ki, Azərbaycanın milli dəyərlərinə, ailə institutuna zidd olan məqamlar var. Azərbaycan parlamentinə, Oqtay müəllim, Sizə müraciət edirlər. Ayrı-ayrı televiziya kanallarının çəkdiyi bu filmləri hansısa bir ictimai şuranın, xüsusilə də Milli Məclisin Mədəniyyət komitəsinin ilk baxışından sonra efirə verilməsini xahiş edirlər.
Oqtay müəllim, Siz ölkəmizdə gedən islahatlar çərçivəsində parlamentdə çox böyük islahatlar həyata keçirirsiniz. Siz 2005-ci ildə qanunların təkmilləşdirilməsi, son illərdə isə parlamentdə çox vacib komitələrin yaradılması ilə bağlı qərarlar qəbul etdiniz. Həqiqətən, xarici beynəlxalq təşkilatlarda da bu, çox yüksək dəyərləndirilir.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, fevralın 6-sında Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev Brüsselə səfər etmişdir. Əsas məqsəd Avropa İttifaqının rəhbərliyi ilə görüşlər keçirib, strateji əməkdaşlıq səviyyəsində yeni sazişin taleyi haqqında müzakirələr və danışıqlar aparmaq idi.
Bir məqam burada, parlamentdə xüsusilə vurğulanmalıdır. Avropa İttifaqı tarixində “Şərq tərəfdaşlığı” ölkələrindən biri ilk dəfə Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq sazişini imzalamaq üçün öz iradəsini ortaya qoymuş və Avropa Birliyi bu iradəni, bu təklifi, bu fikri qəbul etmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, xanım Federika Mogerini, vitse-prezident Maroş Şevroviç və başqaları Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünü dəstəkləyərək Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qalxması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin tam şəkildə dəstəklənməsi ilə bağlı bəyanatları ortaya qoymuşlar. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” layihəsini də tam şəkildə dəstəkləyiblər.
Hörmətli həmkarlar, məhz bu uğurlar bəzi dairələri narahat etməyə başlayıb. Onlar Avropa Parlamentində təxribata yol açdılar. Təsəvvür edin, həmin gün, fevralın 6-sı Avropa Parlamentinin cəmi 2-3 nümayəndəsi guya Azərbaycanla bağlı müzakirələr təşkil etmək niyyəti ilə təşəbbüs irəli sürmüşlər. Onların məqsədi nə idi? Birincisi, Azərbaycan Respublikası Prezidenti hörmətli İlham Əliyevin səfərini əngəlləyərək Azərbaycan–Avropa İttifaqı münasibətlərinə zərər vurmaq, problem yaratmaq.
İkincisi, yeni seçilmiş Avropa Parlamentinin rəhbərliyini çətin bir vəziyyətdə qoyaraq öncədən onları Azərbaycana qarşı fikir söyləməyə, münasibət bildirməyə vadar etmək.
Sədrlik edən. Mikrofon verin.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Deməliyəm ki, nə birinci, nə də ikinci məqsəd yerinə yetirilmədi. Bu, yalnız iki şəxs tərəfindən şəxsi təşəbbüs kimi Avropa Parlamentinin tarixində utanc gətirəcək bir məsələ kimi qaldı.
Hörmətli həmkarlar, yeri gəlmişkən, mən bu gün bir şəxsi təşəbbüsə də diqqətinizi cəlb eləmək istəyirəm. Söhbət cənab Jirinovskinin Azərbaycanı və Ermənistanı Rusiyanın quberniyasına çevirmək istəyindən gedir. Əslində, bu sözlərə heç fikir vermək də düzgün deyil. Lakin Xocalı soyqırımının 25 illiyi ərəfəsində mən bunu edə bilmərəm. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” deyən ümummilli lider Heydər Əliyev bir azərbaycanlı olaraq bizim şüurumuzun ən alt qatlarına toxunmuşdur. Əziz dostlar, bu şüar deyil. Bu bizim qan yaddaşımızdır, qanlı yanvarımız, Xocalımız, Qarabağımız, şəhidlərimiz, Çingiz Qurbanovumuz, Mübarizimizdir.
O ki qaldı quberniya olmaq məsələsinə, əslində, Yerevan bu statusa tam uyğun gəlir, lakin Rusiyanın deyil, Azərbaycanın quberniyası olaraq. Ermənistan qondarma bir dövlətdir, Azərbaycan torpaqlarında yaradılıb. Orada həmişə əhalinin 95 faizi azərbaycanlı olub. Ona görə də Yerevanın rəhbərliyi istərsə, qoy Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun.
Дорогие друзьÑ, и чтобы мои Ñлова в РоÑÑии не понÑли превратно и не переводили Ñ Ð¼Ð¾ÐµÐ³Ð¾ прекраÑного aзербайджанÑкого Ñзыка на руÑÑкий Ñзык, Ñ Ð·Ð°ÐºÐ¾Ð½Ñ‡Ð¸Ð» бы Ñвое выÑтупление Ñледующими Ñловами. ÐеÑчаÑтен тот, кто обделен Ñвободой и понÑÑ‚ÑŒ не может, что в Пушкина хоть Ñ Ð²Ð»ÑŽÐ±Ð»ÐµÐ½, имперÑкий дух противен вÑе же. Январь кровавый, Ходжалы, шехиды – Ñто путь к Ñвободе. И не отнÑÑ‚ÑŒ моей мечты ни ЖириновÑкому, ни прочим. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Deputat həmkarım Səməd Seyidova təşəkkür edərək bir mövzu ətrafında danışmaq istəyirəm. İnflyasiya nə vaxt ki məqbul səviyyədədir, bu, iqtisadi inkişafa müsbət təsir göstərir. Amma məqbul hədləri keçəndən sonra həyat səviyyəsinə mənfi təsiri var. Keçən il də belə oldu. Bizim gəlirlərimiz, əmək haqqı 7 faiz artdı, inflyasiya isə 12 faizdən çox oldu. Ərzaq məhsullarının qiyməti 15 faizdən, qeyri-ərzaq məhsullarının qiyməti isə 17 faizdən çox artdı. Bu da əhalinin güzəranına mənfi təsir göstərdi.
Hökumət haqlı olaraq 2017-ci ildə 7 faizin ətrafında hədəf kimi birrəqəmli inflyasiya götürüb. Azərbaycanın buna şansı var. Amma çox təəssüflər olsun ki, monopolistlər və işbazlar bütün iqtisadi qanunauyğunluqlara tabe olmamaqla Azərbaycan hökumətinin bu hədəflərini pozmaqda davam edirlər. Qiymətlər qalxan zaman əsas gətirilir ki, dollar bahalaşır, biz də malı dollarla alırıq, ona görə də qiymətlər qalxır. Yaxşı, dekabrın birindən manat bahalaşmağa başlayıb. Sual olunur, niyə yumurtanı çıxmaq şərti ilə istehlak mallarının hamısının qiymətləri qalxıb? Ətin, yağın, şəkərin – hər şeyin qiyməti qalxıb. Qiymətlərin qalxması ilə həmin işbazlar, monopolistlər Azərbaycan hökumətinin o hədəfə yaxınlaşmasına imkan vermirlər. Bu isə əhalinin güzəranına mənfi təsir göstərir.
Bu məsələni qaldırmaqda məqsəd ondan ibarətdir ki, aidiyyəti qurumlar bununla maraqlansın. Dediyim rəqəmlərdən istifadə eləməklə açıq formada görərlər ki, dekabr ayında manatın dollara nisbəti 1,75 qəpik, fevralın birində 1,92 qəpik olub. Bu gün üçün 1,73 qəpikdir. Manatın bahalaşması şəraitində qiymətlər niyə qalxır? Əhalinin güzəranının pisləşməsinin qarşısını almaqdan ötrü pensiyalar 12 faizdən çox, minimum əmək haqqı isə 10 faizdən çox artıb. İndi həmin işbazlar əmək haqqının və pensiyanın artan hissəsini qiymət qayçısı vasitəsi ilə əhalinin əlindən almaqla məşğuldur. Milli Məclisin tribunası yüksək tribunadır. Bu tribunadan aidiyyəti orqanlara bir də səslənirəm. “Müdrikcəsinə” susmaq o deməkdir ki, siz həmin işbazlarla məsuliyyəti bölüşürsünüz və bu prosesin bilavasitə iştirakçısısınız.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar və media nümayəndələri! Erməni təxribatına layiqincə cavab verməklə düşmənin canlı qüvvəsini məhv edərək igidlik göstərmiş Çingiz Qurbanovun nəşi cənab Prezidentin səyi və qətiyyəti sayəsində 39 gündən sonra alınaraq təmtəraqlı şəkildə dəfn olunmuşdur.
Çingizin Vətən qarşısında göstərdiyi igidliyi yüksək dəyərləndirərək Ali Baş Komandan onu Milli Qəhrəman adı ilə təltif etmişdir. Çingizə yüksək fəxri adın verilməsinə hər bir Azərbaycan vətəndaşı, xüsusilə qusarlılar çox sevinmişlər. Milli Məclisdə Qusar rayonunu təmsil etdiyim üçün qusarlılar Çingizin igidliyinə belə yüksək dəyər verdiyinə görə parlament tribunasından cənab Prezidentə təşəkkür və minnətdarlıqlarını çatdırmağı məndən xahiş etmişlər. Həm də hər biri lazım olduğu zaman ölkəmizin ərazi bütövlüyü uğrunda Çingizin yolunu davam etdirməyə hazır olduqlarını bildirirlər. Şəhidlər ölmür, onların xatirəsi ürəklərimizdə əbədi yaşayacaqdır.
Əziz həmkarlar, əgər münaqişə sülh danışıqları yolu ilə öz həllini tapmasa, vətəndaşlarımız hamı bir nəfər kimi səfərbər olmaq üçün Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycanın güclü, mətanətlə vuruşa biləcək müasir texnika ilə təchiz olunmuş ordusu var. Belə yüksək vətənpərvərlik ruhuna və hərbi potensiala malik olan ölkənin torpaqları heç vaxt işğal altında qala bilməz. Düşünürəm ki, o gün uzaqda deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada çox yerində qeyd olundu ki, Fransa prezidentinin açıqlaması müəyyən dərəcədə ermənipərəst qüvvələrin yenidən canlanmasına səbəb olur. Təbii ki, nə qədər təhrif olunsa da, onların niyyətlərini bilirik. Ona görə də bizim onlara ancaq bir cavabımız ola bilər. Ermənilərin öz müqəddəratını ikinci, üçüncü, beşinci dəfə təyin etmək hüququ əgər sizi narahat edirsə, maraqlandırırsa, öz ərazinizdə Ermənistana yer ayırın və biz də onların təhlükəsiz şəkildə Fransaya, başqa ölkələrə köçürülməsinə şərait yarada bilərik. Çünki Azərbaycan ərazisində bir erməni dövləti var, ikincinin isə sizin dövlətin ərazisində olmasına etiraz eləmirik. Bu formada cavabımız daha məqsədəuyğun olardı.
İkinci, Azərbaycan xalqına qarşı soyqırımla bağlı çalışmalar Xocalı soyqırımının 25 illiyi ərəfəsində, təbii ki, intensivləşəcək. Məncə, biz burada bir istiqamətə daha çox üstünlük verməliyik. Ermənilərin xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı məsələsini daha çox qabartmalıyıq. Çünki azərbaycanlılara qarşı soyqırımı deyəndə onsuz da bizi tərəfli qəbul edirlər və bir çox hallarda bunu diqqətə almağa da maraq göstərmirlər.
O istiqamətdə də Azərbaycanda xeyli çalışmalar var. Məsələn, bu yaxınlarda onlardan biri mənim əlimə keçdi. Xəqani İsmayılın bu kitabı ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdiyi soyqırıma həsr olunub. Mən bu kitabın yayımının vəziyyəti ilə maraqlandım. Mənə bildirdi ki, maddi imkanım olmadığına görə kitabı az tirajla çap etdirmişəm. 2013-cü ildən Xarici İşlər Nazirliyinə təqdim eləmişəm ki, bunu səfirliklər vasitəsilə yaysın, amma hələlik heç bir məlumat yoxdur. Milli Elmlər Akademiyasına və başqa qurumlara da bildirmişəm.
Mənim özümün maddi imkanım yoxdur, amma kitabla tanış olandan sonra gördüm ki, çox dəyərli vəsaitdir. Bu məsələlərə laqeyd qalmaq, məncə, yanlış olar. Düzdür, bunların hamısını dövlət himayəsi altında etmək mümkün deyil, amma ayrı-ayrı azərbaycanlıların təşəbbüslərini ciddi şəkildə dəyərləndirib köməklik göstərməliyik.
Bir vacib məsələni də qeyd etmək istəyirəm. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Prezidentin sərəncamı, hesab edirəm ki, çox ciddi bir sənəddir. Bu, məhkəmələr üçün yol açır ki, artıq azadlıqdan məhrumetmə cəzasını daha fərqli formalarda tətbiq etsinlər. İnsanları həyatdan, azadlıqdan məhrum etmədən cəmiyyət həyatında daha faydalı işlər görməsinə imkan tanısınlar. Ümid edirəm ki, bu sərəncam dolğun şəkildə tətbiq olunacaq və bu sahədə...
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də deputat həmkarlarımın dediyi fikirlərlə razılaşıram və onları dəstəkləyirəm. Qeyd etmək istəyirəm ki, 2 aprel hadisələrindən sonra Ermənistanın daxilində baş verən hadisələr – həm iqtisadi tənəzzül, həm qarşıdurma, həm də cinayətkar rəhbərliyin artıq Ermənistanda idarəçiliyi tamamilə itirməsi göz önündədir. Ermənistandakı daxili vəziyyəti sərhəd bölgələrinə gətirmək, Azərbaycanın ərazilərində təxribat yaratmaq və bununla da əhalini sakitləşdirməyə cəhd göstərmək istəyinin Azərbaycanın igid əsgərləri və zabitləri tərəfindən qarşısının həmişə qəhrəmancasına alınması onlara ikiqat zərbə vurub. Biz bir daha Ermənistan ordusunun nə qədər çürük, ordu rəhbərliyinin isə nə qədər təcrübəsiz və cinayətkar olduğunun şahidi oluruq. Bu proses davam etməkdədir.
Artıq onlar başqa təxribat əməllərinə də əl atırlar. Bir tərəfdən diaspor vasitəsilə ayrı-ayrı dövlət başçıları, siyasətçilər öyrədilir, müxtəlif fikirlər ortaya atılır, digər tərəfdən isə oranın vətəndaşlığını qəbul etmək istəyən milli satqınlar vasitəsilə təsir göstərmək istəyirlər. Çalışırlar ki, bununla daxili aləmdə sakitlik yaratsınlar.
Yəqin ki, məlumatınız var. Bir nəfər qəzet redaktoru müraciət edib ki, ona Ermənistanda sığınacaq verilsin və o, Ermənistan vətəndaşlığını qəbul edir. Ermənilərlə qardaş olmasını bəyan edir. Onun ailə üzvləri də buna kəskin şəkildə öz münasibətlərini bildirdilər. Lakin mən xatırlayıram ki, bir neçə il bundan öncə Azərbaycanda Prezident seçkiləri keçiriləndə “Milli Şura” deyilən bir qurum, bir dərnək var idi. Həmin şəxs Milli Şuranın ən böyük ruporlarından və onların namizədinin təbliğatçılarından biri idi. İndi baxın, görün, vaxtilə hansı satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşmüşdülər və onların ətrafında olan şəxslər kimlərdir. Onlar bu gün Ermənistan vətəndaşlığını məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı bizim mübarizəmiz qətiyyətli olmalıdır və biz buna son qoymalıyıq.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli deputatlar! Mən də bayaq həmkarımızın səsləndirdiyi bazardakı vəziyyətlə əlaqədar məsələyə toxunmaq istəyirəm. İki il əvvəl adambaşına orta aylıq istehlak səviyyəsi 340 dollar olub və 2016-cı ildə bu, 212 dollara düşüb. Bu proses davam edir. Məsələ burasındadır ki, insanların alıcılıq qabiliyyətinin azalması, yaxud da qiymətlərin dəyişməsi bəlkə də daha çox süni şəkildə bahalaşma ilə bağlıdır. Bəziləri qiymətləri süni şəkildə qaldırmaqla, şəxsi qazanclarını güdməklə ölkədə belə vəziyyətin yaranmasında çox ciddi rol oynayırlar. Çünki 2014-cü ildə 38 milyard dollar dövriyyəsi olan istehlak bazarımız 2016-cı ildə 9 milyard azalıb.
Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərə görə 2017-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 11 faiz, ərzaq məhsullarının qiyməti 14 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 12 faiz artıb. Belə olan halda, təbii ki, istehlak zənbilində də qiymətlər dəyişir. Maaşların artırılması ilə əlaqədar olaraq müəyyən tədbirlər görülür və sair.
Mən hesab edirəm ki, müvafiq orqanlar bazarda qiymətlərin süni şəkildə artmasına ciddi yanaşmalıdırlar. Bayaq hörmətli həmkarım Əli Məsimli də bu məsələyə toxundu. Dolların qiyməti düşəndə qiymətlər də enməlidir. Buna qətiyyən əhəmiyyət vermədən süni şəkildə bahalaşma yaradırlar. Mən də müvafiq strukturlara çağırış edirəm ki, bu məsələyə əl qoysunlar. Camaatın alıcılıq qabiliyyəti çox aşağıdır və bu, əslində, süni şəkildə narazılıq yaratmaqdır. Mən də Əli Məsimlinin çağırışına qoşuluram və hesab edirəm ki, müvafiq strukturlar qısa müddətdə qətiyyətli tədbir görməlidirlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yarım saatın tamam olmasına iki dəqiqəmiz var. Buyurun, Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Son günlər Aleksandr Lapşin adlı bir nəfərin Azərbaycana ekstradisiya edilməsi məsələsi həm Azərbaycan, həm də dünya mətbuatının əsas mövzularından birinə çevrildi. Bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni daxil olur, Azərbaycanın ərazi bütövlüyünə qarşı mətbuatda mübarizə aparır, ümumiyyətlə, çox ciddi təxribatla məşğul olurdu. Amma maraqlısı bundan ibarətdir ki, o, üç ölkənin – Rusiyanın, İsrailin və Ukraynanın vətəndaşı olsa da, Ermənistan dövləti özünün bütün xarici siyasətini bu şəxsin üzərində qurmağa çalışır. Hətta bu günlərdə Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqdə onun nümayəndəsinə bu məsələnin Azərbaycan–Rusiya münasibətlərinə nə cür təsir edəcəyi barədə sual da verildi.
Sual olunur, nəyə görə Aleksandr Lapşinin həbsi Ermənistanı belə narahat edir? Bəlkə Lapşin 3 yox, 4 ölkənin, eyni zamanda, Ermənistanın da vətəndaşıdır. Lapşinin məsələsi, əslində, Ermənistanın Azərbaycana qarşı təxribatının tərkib hissəsidir. Lapşinin Azərbaycanın ərazilərinə qeyri-qanuni səfərlərindən sonra yazdığı yazılarda bir qayda olaraq Ermənistan hakimiyyətinin, xüsusi xidmət orqanlarının dəst-xətti aydın şəkildə görünürdü.
Heç də təsadüfi deyil ki, Aleksandr Lapşin həmin yazılarının birində bildirirdi ki, mən Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısında 15-ciyəm. Çox istərdim ki, birinci olum. O öz arzusuna çatdı. Həqiqətən, Azərbaycan ərazisinə qeyri-qanuni daxil olduğu üçün ekstradisiya olunaraq Azərbaycan məhkəməsi qarşısında dayanacaq birinci şəxs oldu. Bununla Azərbaycan özünün suveren hüquqlarını yüksək səviyyədə qoruduğunu göstərir. Ermənistanın təbliğat maşını Azərbaycanın qətiyyətli addımını heç vaxt dayandıra bilməz. O zaman Azərbaycan müstəqil dövlət olmadığına görə yüz minlərcə erməni qədim Azərbaycan torpaqlarında yerləşdirildi. 1918-ci ildə, Azərbaycan dövləti qurulandan bir gün sonra qədim İrəvan şəhəri 100 illiyə Ermənistana icarəyə verildi. Bununla da Ermənistan Azərbaycan torpaqlarında özünə təsadüfi bir dövlət qurmuş oldu. Azərbaycan müstəqil dövlət olmadığına görə 1923-cü ildə qeyri-qanuni şəkildə, heç bir ehtiyac olmadan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı və sair. Amma bu gün biz müstəqil dövlətik və öz hüquqlarımızı kifayət qədər ciddi şəkildə qoruya bilirik. Aleksandr Lapşinin yaxın qohumları Azərbaycan Prezidentindən onun buraxılmasını, əfv edilməsini xahiş edirlər. O, Azərbaycan məhkəməsi qarşısında öz əməlinə görə cavab verəcəkdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, vaxtımız bitdi, gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqındadır. Gündəlik sizdə var.
Jalə Əliyeva ikinci komitə kimi Əmək və sosial siyasət komitəsinə üzv olmaq istəyir. Etiraz eləyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Buyurun, hörmətli Vilayət Zahirov.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2016-cı il üzrə illik məruzə diqqətinizə təqdim olunur. Dünyada mürəkkəb və ziddiyyətli proseslərin yaşandığı, qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 2016-cı ildə ölkəmizin müstəqilliyi daha da möhkəmlənmiş, dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davam etdirilmişdir. Ölkədə sabitlik və təhlükəsizlik qorunub saxlanılmış, sosial-iqtisadi tərəqqi təmin edilmiş, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması üzrə məqsədyönlü islahatlar aparılmışdır.
Gələcək iqtisadi inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri müəyyən edilmiş, o cümlədən sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlər nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısının fəal və uğurlu xarici siyasətinin təzahürü olaraq Azərbaycanın beynəlxalq imici günbəgün yüksəlmiş, dünyanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq həyata keçirilmiş, ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən iqtisadi, siyasi, humanitar forumlara, möhtəşəm idman tədbirlərinə uğurla ev sahibliyi etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilmiş referendum ölkə həyatında ən önəmli siyasi hadisə olmuşdur. Demokratik, şəffaf şəraitdə keçirilmiş referendumda seçicilərin aktivliyi Konstitusiyaya edilmiş dəyişikliklərin aktuallığını göstərməklə yanaşı, dövlət quruculuğunda həyata keçirilən islahatlara olan yüksək marağın nəticəsidir. Referendumun nəticəsi göstərdi ki, xalq ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə inanır və onu dəstəkləyir.
Konstitusiyaya edilmiş dəyişikliklər dövlətin sosial, iqtisadi, siyasi həyatının ən mühüm sahələrində islahatların aparılmasına, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin işinin, yerli özünüidarənin səmərəliliyinin artırılmasına, dövlət quruculuğunun təkmilləşdirilməsinə xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq dövlət müstəqilliyinin bərpasının 25 illiyi bütün ölkədə böyük təntənə ilə qeyd edilmişdir. İldönümünün keçirilməsi müstəqil dövlət quruculuğu sahəsində ölkəmizin uğurlarının təsdiqi baxımından xüsusi əhəmiyyət daşımışdır.
Ən gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları bu illər ərzində özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə geniş vüsət alan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışdır.
Referendumla Konstitusiyaya əlavə edilmiş 146.1-ci maddədə bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyətin müəyyən edilməsi yerli özünüidarəetmədə qanunçuluğun təmin edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 30 dekabr tarixli Fərmanı Bakı şəhəri üzrə ərazi planlaşdırılmasının, torpaqlardan istifadənin səmərəli təşkili və bu sahədə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
Ölkəmizin sosial-iqtisadi inkişafı, demokratik ənənələrinin gücləndirilməsi istiqamətində qəbul edilmiş yeni dövlət proqramlarında da yerli özünüidarənin tərəqqisinə yönəlmiş tapşırıq və tövsiyələr verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün Milli Fəaliyyət Planı” Ədliyyə Nazirliyinin kollegiya iclasında geniş müzakirə edilərək sənədin açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsi, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının yüksəldilməsi işində xüsusi əhəmiyyəti vurğulanmışdır.
Milli Fəaliyyət Planının icrası üzrə iş planına uyğun olaraq “Bələdiyyə üzvünün etik davranışı haqqında” qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. Yerli özünüidarənin səmərəliyinin artırılması, bələdiyyələrin işində qanunçuluğun təmin olunması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən maarifləndirici tədbirlərə xüsusi diqqət verilmişdir. Belə ki, 2016-cı ildə bələdiyyələr üçün aktual olan “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr”, “Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın və arxiv işinin təşkili” mövzuları üzrə seminarlar keçirilmişdir.
Hesabat ilində bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında 20 tədris kursu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə 5 kurs keçirilmişdir. Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin də cəlb edildiyi bu kurslarda torpaqların idarə olunması, vergi xidmətinin təşkili, insan hüquq və azadlıqlarının təminatı sistemində yerli özünüidarəetmənin rolu və digər mövzular üzrə mühazirələr oxunmuşdur. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikanın bələdiyyələri üçün 16 seminar təşkil etmiş, həmin seminarlarda 810 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
Bələdiyyələrin milli assosiasiyaları tərəfindən hazırlanmış “Yerli vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”nin tətbiqinə dair 8 zona seminarı təşkil edilmiş, Bakı, Abşeron, Sumqayıt, Gəncə bələdiyyələrinin vergi mütəxəssisləri üçün təlimlər keçirilmişdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə “Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması” mövzusunda bələdiyyələrin büdcə komissiyasının sədrləri, baş mühasibləri və başqa aidiyyəti qulluqçular üçün 14 təlim keçirilmişdir. Bələdiyyələrin maarifləndirilməsi ilə bağlı il ərzində keçirilmiş 190 seminar, 19 təlim və 25 kursda 12 minədək bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Maarifləndirici tədbirlərin sayı ötən illə müqayisədə 87 faiz, iştirakçıların sayı isə 71 faiz çox olmuşdur.
Hesabat dövründə “Yerli özünüidarə haqqında” Avropa Xartiyası və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş prinsiplər və şərtlər rəhbər tutulmaqla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyələrə hüquqi, metodiki yardımın yaxşılaşdırılması nazirliyin kollegiya iclasında müzakirə edilmişdir. İşin səmərəliyinin artırılması üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə və regional ədliyyə şöbələrinə əməli köməklik göstərilmişdir.
Hesabat ilində nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2015-ci illə müqayisədə 4 faizdən çox, yəni 2187 müraciət daxil olmuşdur. Müraciətlərdən 1947-nə baxılaraq əsaslandırılmış cavab verilmiş, aşkar edilmiş qanun pozuntuları görülmüş tədbirlər nəticəsində aradan qaldırılaraq müraciətlərdən 166-sı təmin edilmişdir. Təmin olunan müraciətlərin sayı 2015-ci illə müqayisədə 31 faiz artmışdır.
Ölkə Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilmişdir. Ədliyyə nazirinin vətəndaşların səyyar qəbulları zamanı bələdiyyələrin fəaliyyətinə dair verilmiş 27 müraciət qısa müddət ərzində araşdırılaraq bir qismi təmin edilmiş, digərlərinə əsaslandırılmış cavablar verilmişdir.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmişdir. Bölgə sakinlərinin müraciətlərinə baxılması üçün virtual qəbul təcrübəsinin genişləndirilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır.
40 müraciətə baxılması zamanı cinayət əməlləri aşkar edildiyindən onların bir qismi üzrə toplanmış materiallar araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, digər qismi isə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilmişdir. Nazirliyə daxil olan 27 müraciət əsasında müvafiq bələdiyyələrdə inzibati nəzarət icraatı qaydasında araşdırmalar təyin edilmişdir. Bu zaman 18 bələdiyyənin fəaliyyətində daha ciddi qanun pozuntularına yol verilməsi müəyyən olunaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
İstintaq orqanları tərəfindən bütövlükdə 12 fakt üzrə cinayət işi başlanılmış, o cümlədən 1 fakt üzrə məhkəmənin ittiham hökmü çıxarılmış, digərləri üzrə araşdırma davam edir. Yol verilən cinayət xarakterli faktların çoxu torpaq qanunvericiliyinin pozulması və bələdiyyə büdcəsinə külli miqdarda ziyan vurulması ilə bağlı olmuşdur.
İnzibati araşdırma nəticəsində Bakı şəhərinin Sabunçu və Qala bələdiyyələrində, Abşeron rayonunun Qobu bələdiyyəsində, Qusar rayonunun Samur bələdiyyəsində, İmişli rayonunun Qaragüvəndikli bələdiyyəsində, Şamaxı rayonunun Dədəgünəş, II Cabanı, Keçməddin və Həmyəli bələdiyyələrində ciddi qanun pozuntuları aşkar edilmişdir.
2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62228 bələdiyyə aktı nazirliyə daxil olmuşdur. Bu, 2015-ci illə müqayisədə 5,6 faiz çox olmuşdur. Daxil olmuş aktlardan 58923-ü qanunvericiliyə uyğun hesab edilmiş, 3087 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur. Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 833 akt ləğv edilmiş, 559 akt dəyişdirilmişdir. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 28 iddia qaldırılmışdır. Onlardan 10-u təmin edilmiş, 18-nə isə baxılmaqdadır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2257 bələdiyyə aktının ekspertizası keçirilmişdir. Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6370 hektar torpaq sahəsinin icarəyə, 12 hektar istifadəyə, 305 hektar torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilmiş və həmin qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə 8359 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bələdiyyə mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artmışdır. Qanunsuz icarəyə və xüsusi mülkiyyətə verilmiş torpaqların 8 min hektardan çoxu kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını təqdim etmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 156 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar əsasında 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmişdir. Təkrar pozuntulara yol verdiyinə görə isə 6 bələdiyyə sədri yenidən inzibati məsuliyyətə cəlb olunmuşdur.
1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə cərimənin artırılması və həyata keçirilmiş maarifçilik tədbirləri inzibati hüquq pozuntularının azalmasına əhəmiyyətli təsir etmişdir.
Bələdiyyə aktlarının ekspertizası zamanı və müraciətlərə baxılarkən ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4246 tövsiyə göndərilmişdir. Həmin tövsiyələrdə bələdiyyənin fəaliyyətində yol verilən nöqsanlar və onların həlli yolları göstərilmişdir. Onlar bələdiyyə iclaslarında müzakirə olunmuş, müvafiq tədbirlər görülərək inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarına məlumat verilmişdir.
Nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində xarakterik hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar müəyyən edilmişdir. Bunlardan bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsi, hərrac və müsabiqə qaydaları pozulmaqla torpaqların icarəyə verilməsi və ya satılması, torpaqların icarəyə və ya xüsusi mülkiyyətə verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması, bələdiyyə büdcəsinin qanunsuz xərclənməsi, yerli vergi və ödənişlərin yığılmasının təmin edilməməsi, yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramlarının olmamasını və sairi qeyd etmək olar.
Ötən il yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları fəal iştirak etmişlər. Onların təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda “Bələdiyyə təşəbbüs qrupu” və “Bələdiyyə təşviqat qrupu” yaradılmış və bu qruplar səmərəli fəaliyyət göstərmişlər. Milli assosiasiyaların və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Litva, Latviya və Estoniya respublikalarının səfirliklərinin nümayəndələrinin iştirakı ilə “Multikulturalizmin inkişafında bələdiyyələrin rolu” mövzusunda konfrans təşkil olunmuş, assosiasiyaların ümumi yığıncaqları və bir sıra maarifçilik tədbirləri keçirilmişdir.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq milli assosiasiyaların təşəbbüsü ilə 31 oktyabr – 6 noyabr tarixlərində “Yerli demokratiya həftəsi”, 14–15 noyabr tarixlərində isə Şəmkir şəhərində “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir. Konfransın işində Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyi, deputatlar, aidiyyəti nazirliklərin nümayəndələri iştirak etmiş, mövzu ətrafında səmərəli müzakirələr aparılmış, təkliflər dinlənilmişdir.
Yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi məqsədi ilə milli assosiasiyaların təşkilatçılığı ilə bir qrup bələdiyyə sədri Latviya və Litvada səfərdə olmuş, bu ölkələrin bələdiyyələrinin təcrübəsini öyrənmişlər. Bununla yanaşı, Litva Respublikasının yerli özünüidarə orqanlarının təmsilçiləri milli assosiasiyaların dəvəti ilə ölkəmizə səfər etmişlər.
Yerli özünüidarə məsələləri ilə bağlı beynəlxalq əməkdaşlığa önəm verilərək Avropa Şurası və Avropa İttifaqının bir sıra tədbirlərində Ədliyyə Nazirliyinin əməkdaşları, bələdiyyələrin milli assosiasiyalarının və bələdiyyələrin nümayəndələri iştirak etmişlər.
Hörmətli deputatlar, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq aşağıdakı təklifə baxılması xahiş olunur:
- bir çox bələdiyyələr tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla məhkəmədən kənar, birtərəfli qaydada icarə müqavilələrinin ləğv edilməsi barədə qərarlar qəbul edilir. Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrində torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsasları müəyyən edilsə də, həmin maddələrlə Mülki Məcəllənin oxşar münasibətləri tənzim edən normaları arasında ziddiyyətlərin olması qanunun tətbiqini çətinləşdirir, bir sıra hallarda bələdiyyələr tərəfindən qanunsuz qərarlar qəbul edilməsinə şərait yaradır. Misal üçün, hüquqi şəxsin fəaliyyətinə xitam verildikdə və ya icarəçi torpaq sahəsindən könüllü olaraq imtina etdikdə icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinin müəyyən edilməsi qaydası uzunmüddətli istifadəyə və ya icarəyə verilmiş, ancaq istifadə olunmayan min hektarlarla torpaq sahələrindən səmərəli istifadə imkanlarını çətinləşdirir. Ona görə də Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə yenidən baxılması məqsədəuyğundur.
Yerli özünüidarəetmənin səmərəliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, buyurun, əyləşin. Hörmətli deputatlar, illik məruzənin müzakirəsinə keçməzdən əvvəl istəyirəm, sizinlə bir məsələni razılaşdıraq. Nəzərə alın ki, bu gün iki qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq və bu, xeyli vaxt aparacaq. Ona görə, mümkünsə, çıxışları 5 dəqiqə edək. Səsə qoymaq lazımdır, yoxsa razılaşdıq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qəbul olunsun. Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Hörmətli həmkarlar, hörmətli qonaqlar! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə əlaqədar məruzə komitənin iclasında hərtərəfli müzakirə olunub. Mən çıxış etmək istəmirdim, çünki orada lazım olan fikirlərimizi çatdırmışdıq. Ancaq Vilayət müəllimin çıxışı məni danışmağa vadar etdi. Orada səsləndirilən tənqid və təkliflərin birinə də burada münasibət bildirilmədi. Mən hesab edirəm ki, bu, çox formal bir münasibətdir, belə etmək olmaz. Komitənin iclasında danışılanlar müzakirə predmeti olmursa, o haqda heç düşünməyə dəymirsə, onda onu keçirməyək, elə birbaşa plenar iclasa keçək.
Əlbəttə, həmişə olduğu kimi, deməliyik ki, inzibati nəzarət çərçivəsində xeyli müsbət işlər görülüb. Bizim də həmişə iradımız ondan ibarət olub ki, inzibati nəzarət sözünə formal deyil, geniş yanaşmaq lazımdır. Yəni təkcə nəzarət yox, eyni zamanda, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar çətinliklər varsa, Ədliyyə Nazirliyi bu məsələlərlə məşğul olsun, öz nüfuzundan istifadə etsin. Bizə deyirlər ki, yox, inzibati nəzarət yazılıb, biz bu çərçivədən çıxa bilmirik. Yaxşı, belə olsun. Ancaq yeri gəlmişkən, deyim ki, o məsələni də biz düşünürük. Ola bilsin, o “inzibati nəzarət” ifadəsini biz qanunvericilik səviyyəsində dəyişəcəyik ki, Ədliyyə Nazirliyinin bundan sonrakı fəaliyyəti daha səmərəli olsun.
Ancaq iş burasındadır ki, bilavasitə Ədliyyə Nazirliyinin səlahiyyətinə daxil olan məsələlər də həll olunmur. Burada Vilayət müəllim subvensiya haqqında danışdı. 2014-cü ildə cənab Prezidentin təşəbbüsü ilə büdcə qanununa düzəliş edilibdir. Orada qeyd olunur ki, dotasiya ilə bərabər, bələdiyyələrə subvensiya da ayrılmalıdır. Subvensiyanın dotasiyadan fərqini hamı yaxşı bilir. Dotasiyanı verir, deyir ki, bu pula nə istəyirsən, elə. Bir çox halda o pul gəlib bələdiyyəyə çatmır da. Borcu varsa, silirlər, götürürlər. Digər hallar da var. Ancaq subvensiya məqsədli layihəni həyata keçirməkdən ötrü verilir. Bu, həqiqətən, bələdiyyələri işləməyə, məqsədyönlü fəaliyyət göstərməyə vadar edir.
2015-ci ildə də, 2016-cı ildə də bu məsələ öz həllini tapmadı. 2017-ci ilin büdcəsində də subvensiya haqqında bir kəlmə yazılmayıbdır. Halbuki büdcəyə olan düzəlişdə göstərilib ki, subvensiya dövlət büdcəsində xüsusi xətt ilə qeyd olunsun. Mən büdcədə olan çətinlikləri başa düşürəm və əlavə puldan da söhbət getmir. Söhbət ondan gedir ki, dotasiyaya verilən vəsaitin bir hissəsini subvensiya formasında verin. Bizim yaxşı işləyən bələdiyyələrimiz var, onların heç subvensiyaya ehtiyacı da yoxdur.
Məlum olur ki, bu işlə, ümumiyyətlə, məşğul olan yoxdur. Yalnız kənd bələdiyyələri 70-dən çox layihə versələr də, onların biri də qəbul olunmayıb. Axı bu subvensiya ilə yeni iş yerləri yaradıla, bələdiyyənin fəaliyyətini yaxşılaşdırmaqdan ötrü tədbirlər görülə bilər. Bax bunun biri də olmayıb. Mən bilmək istəyirəm, Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bu işlə məşğul olan bir təşkilat varmı?
Digər bir misal. Bilirsiniz ki, bələdiyyələrin gəlirlərinin biri tikinti materialları üzrə mədən vergisidir. Bu, bələdiyyələrin büdcəsinə külli miqdarda vəsait gətirə bilər. Ancaq son illərdə cüzi miqdarda olan o vergi nəinki yığılır, hətta azalıbdır. Mingəçevir bələdiyyəsi müraciət edib və məhkəmə qərar çıxarıb ki, tikinti materialı karxanasından istifadə edən vergisini verməlidir. İndiyə kimi bunu vermir.
Yaxşı, o məsələləri qoyun kənara, axı bu sizin bilavasitə vəzifənizdir. Niyə məhkəmənin qərarını icra etmirsiniz? Bunu biz iki-üç yerdə demişik. Ancaq Vilayət müəllimin, bilmirəm, xəbəri yoxdur, yoxsa bu haqda danışmaq istəmir. Bu yolla bələdiyyələr inkişaf etməyəcəklər. Bələdiyyələrə maddi kömək göstərilsin deyəndə büdcəni formalaşdıran adamlar deyirlər ki, büdcə bələdiyyələrin büdcəsini formalaşdırmaqdan ötrü öhdəlik götürməyib. Öhdəlik yox, hər birimiz bələdiyyələri inkişaf etdirməyə borcluyuq. Bu, Konstitusiyada, cənab Prezidentin sərəncamlarında, göstərişlərində təsbit olunubdur. Sağ olun.
Sədrlik edən. Arif müəllim, yəqin ki, Vilayət müəllim Sizin qeydlərinizə, iradlarınıza indi aydınlıq gətirər. İndi isə icazənizlə, illik məruzənin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan bu məruzə ənənəvi olaraq öz funksiyasını normal, qaydasında yerinə yetirmiş bir dövlət orqanının rəsmi sənədi kimi qəbul olunur. Mən hesab edirəm ki, Ədliyyə Nazirliyi üzərinə düşən funksiyanı normal yerinə yetirib. Hazırlanan sənəddə də bütün sahələrdə həm nöqsanların, həm problemlərin, həm də bələdiyyələrin fəaliyyəti ilə bağlı müəyyən prinsipial məsələlərin həlli qeyd olunub. Amma bununla yanaşı, bir məsələ üzərində durmaq istəyirəm.
Biz qanun qəbul edəndə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət nəzərdə tutmuşuq. Amma bu bələdiyyələrin fəaliyyətində, həqiqətən də, bir problem varsa, buna hansı qurum nəzarət edir-etsin, onsuz da onun dirçəldilməsi, inkişafı çox çətin olacaqdır və həmişə problem olaraq qalacaqdır. Çox hörmətli Arif müəllim də burada haqlı olaraq qeyd etdi ki, biz artıq bələdiyyələrə müəyyən dərəcədə real funksiyalar verməyin yolunu tapmalıyıq. Qanunvericilikdə artıq heç nə əlavə etməyə ehtiyac yoxdur. Məncə, qanunvericilik bazası kifayət qədər genişlənib, hər məsələ müzakirə olunub. Ola bilsin, müəyyən təkmilləşdirmələr aparmaq olar.
Real vəziyyət budur ki, bələdiyyələr faktiki olaraq yerli vergini yığa bilmirlər. Bələdiyyələrin sosial-iqtisadi proqramları həyata keçirməyə real imkanları yoxdur. Burada da çox haqlı olaraq qeyd olundu, nöqsanlar, əsasən, iki sahədədir. Biri torpaq qanunvericiliyinin pozulması, digəri əllərində olan vəsaitin xərclənməsidir. Ondan başqa bələdiyyənin fəaliyyət sferası qalıbmı? Amma üzərində nəzarət mexanizmi olduqca çoxdur. Ona görə də biz real özünüidarəyə keçməliyik.
Türkiyənin, Avropanın bəz ölkələrinin bələdiyyələrinin büdcəsi Azərbaycanın büdcəsinə bərabər səviyyədədir. Artıq yerli özünüidarə funksiyasını həyata keçirmədən biz hər dəfə bu nöqsanları eyni ilə sadalayacağıq. “Müvafiq icra hakimiyyətinin rəyi olmadan dövlət mülkiyyətinin icarəyə verilməsi”, “kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq verilməsi” kimi məsələlər həmişə qeyd olunacaq. Bunun səbəbi nədir? Səbəbi odur ki, əksəriyyətində bələdiyyə mülkiyyətinə daxil olan torpaqların xəritəsi yoxdur. O məcburdur, dövlət mülkiyyətində olan torpağı satır. Mütləq icra hakimiyyətindən müəyyən məsələlərlə bağlı rəy almalıdır. Hər şeyə rəy alırsa, bələdiyyə nə qurumdur? Hər şey nəzarət altındadır, özünün müstəqil qərarı ilə hansısa bir funksiyanı həyata keçirə bilmir. Ona görə də hər dəfə məsələ qaldırırıq ki, dövlət büdcəsindən vəsait ayrılsın. Bu il 5,2 milyon manat vəsait ayrıldı. O vəsait hansı bələdiyyəyə gedir? Ümumi şəkildə bələdiyyəyə pul ayrılması doğru deyil, onlara pul qazanmaq üçün şərait yaratmaq lazımdır.
Mən bir nümunə çəkmək istəyirəm. Yeni tikilən mənzillərdə yaşayan insanlara bələdiyyədən bildiriş gəlir ki, ilin sonuna istifadə etdiyiniz mülkiyyətə görə bələdiyyəyə 45 manat vergi verməlisiniz. Vətəndaş ona deyir ki, mən burada 15 ildir yaşayıram, amma hələ mülkiyyət kağızı almamışam. Deməli, digər sahələrdə olan müəyyən məsələlərin həll olunmaması bələdiyyəni də o vergidən məhrum edir. Vətəndaşa bəhanə verilir ki, o pulu verməsin, çünki mənzil mülkiyyətində deyil. Düzdür, onun adınadır, tikintisi ilə məşğul olan şəxslərlə, kooperativlərlə bağladığı müqavilə əsasında binada yaşayır. Amma bu binada yaşamaq hələ mülkiyyət sahibi olmaq mənasına gəlmir. Əldə sənəd olmalıdır.
Mən hesab edirəm ki, bələdiyyələrin funksiyasını qaldırmaq barədə fikirləşməliyik. Ölkədə müəyyən məsələlərin lokal səviyyədə həll olunmaması, çox vaxt bu işin üzərinə mərkəzləşdirilmiş qaydada gedilməsi müəyyən problemlər yaradır. Bələdiyyə bir yerə normal asfalt çəkmək, adi kommunal problemləri həll etmək imkanına sahib deyil. Mütləq mərkəzləşdirilmiş qaydada həll olunmalıdır. Ona görə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, əslində, bələdiyyələrə inzibati nəzarətdir. Fəaliyyət olmayandan sonra hansı nəzarəti həyata keçirmək mümkündür? Ona görə qurumun özü də, Ədliyyə Nazirliyi də çətin vəziyyətdədir, çünki bu sahə genişləndiriləndə onlardan nəyisə daha rahat tələb etmək olur. Məsuliyyət o vaxt tələb olunur ki, səlahiyyət olsun. Hər hansı bir funksiya yerinə yetirilsin ki, bu məsuliyyəti tələb etmək mümkün olsun. Bu baxımdan, mən də hesab edirəm ki, bələdiyyələrlə bağlı ciddi bir SOS siqnalı qaldırıb onun fəaliyyətini canlandırmaq vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyəti ilə bağlı 2016-cı il üzrə məruzəsini diqqətlə analiz etdik və o qənaətə gəldik ki, məruzə ciddi, ətraflı, müfəssəl hazırlanıb, bələdiyyələrin işində olan nailiyyətləri, o cümlədən problemləri, çatışmazlıqları dolğun və prinsipiallıqla əks etdirib. Onu nəzərdə tuturam ki, bəzi qurumlar bizə illik məruzələrini təqdim etdikdə bu və ya digər müəssisə və orqanların adlarını anonim saxlamaqla problemə ümumi şəkildə toxunurlar. Yəni “bəzi orqanlar”, “bəzi məmurlar”, “bəzi hakimlər” və sair ifadələrdən istifadə edirlər. İndiki məruzədə isə xarakterik hüquq pozuntuları, nöqsan və çatışmazlıqların ümumi kvalifikasiyası aparılaraq onların geniş siyahısı verilir (səhifə 14), digər tərəfdən inzibati araşdırma nəticəsində aşkar edilmiş konkret faktlardan bəziləri qeyd olunur (səhifə 11-12).
Ümumiyyətlə, bu məruzəni təhlil etdikdə anlayırsan ki, bələdiyyə və ona nəzarət orqan heç də asan olmayan yol keçərək mühüm irəliləyişlərə nail olublar. Biz – millət vəkilləri bu və ya digər məsələni qaldırarkən mütəmadi olaraq qeyd edirik ki, hər hansı problemlə mübarizə apararkən ən effektiv yollardan biri maarifləndirmə, profilaktik işlərdir. Məmnunedici haldır ki, məhz Bələdiyyələrlə iş mərkəzi bələdiyyələrin maarifləndirilməsinə çox önəm verir. Başa düşürük ki, xüsusən kənd yerlərində bələdiyyələrə seçilən insanlar bu məsul işə hələ də hazır deyillər. Ona görə onların hüquqi və idarəçilik biliklərini, vərdişlərini artırmaq, insanlarla ünsiyyət və davranış bacarıqlarını inkişaf etdirmək üçün onlarla ciddi iş aparmaq lazımdır.
Mənim diqqətimi bir neçə rəqəm cəlb etdi. Cəmi bir il ərzində Bələdiyyələrlə iş mərkəzi 190 seminar, 19 təlim, 25 kurs keçirərək 12 minə qədər bələdiyyə üzvü və qulluqçusunu maarifləndirmə işi ilə əhatə edib. Bu iş 2015-ci ilə nisbətən 81 faiz çoxalıb. Çox ürəkaçan rəqəmlərdir.
Düzdür, bələdiyyələr Azərbaycanda yeni institutdur, hələ də formalaşma dövrünü keçirir. Hərdən biz də, dövlət qurumunun nümayəndələri də bələdiyyələrə birmənalı yanaşmırıq. Onlarla ünsiyyətdə hərdən inzibati metodlara üstünlük verilir, lakin başa düşməliyik ki, hər birimiz bələdiyyə üzvü ola bilərik. Həmin şəxslər də elə xalq içindən çıxmış insanlardır. Onlara xoş və isti münasibət, yeri gəldikdə dəstək olmalıdır. Lakin hərdən başqa mənzərə ilə, əsassız müraciət və şikayətlərlə rastlaşırıq.
Söhbət nədən gedir? Məruzədən də göründüyü kimi, 2016-cı ildə Ədliyyə Nazirliyinə 2 mindən çox müraciət daxil olub. Onları təhlil etdikdə görürük ki, cəmi 166 müraciət təmin edilib, 40-ı isə qismən təmin edilib. Qalanlarına əsaslandırılmış cavab verilib. Bu onu göstərir ki, şikayətlərin böyük hissəsi reallığı əks etdirmir və bu çox vaxt onların qanunvericiliyi bilməməsindən irəli gəlir.
Öz deputatlıq təcrübəmdən mən bunu görürəm. Məsələn, vətəndaşdan müraciət daxil olur ki, bələdiyyə torpaq vermir. Araşdıranda görürsən ki, torpaq bölgüsü zamanı ailəyə torpaq verilib, amma övladlar böyüdüyü üçün onlar ayrı təsərrüfat qurmaq istəyirlər. Ona görə də şikayət edirlər ki, bələdiyyə onlara pulsuz torpaq vermir. Belə olan halda vətəndaşa izah edirik ki, torpağı müəyyən edilmiş vəsaiti ödəməklə hərrac yolu ilə əldə edə bilər.
Ya da görürsən ki, qonşu onun torpağını zəbt edib, o da bələdiyyəni fəaliyyətsiz olmaqda günahlandırır. Müəyyən mənada bəlkə də haqlıdır, amma yenə də izah edirik ki, məhkəməyə müraciət etməyə dəyər. Bu daha qanunauyğundur. Bu cür müraciətlər az deyil. Bu da yerl əhalinin hüquqi savadsızlığından irəli gəlir. Ona görə də mən tövsiyə edərdim ki, Bələdiyyələrlə iş mərkəzi yerlərdə seminar və digər maarifləndirici tədbirləri daha geniş tərkibdə, yəni bələdiyyə üzvləri və əhalinin iştirakı ilə keçirsin. Xahiş edərdim ki, keçirilən seminarlar, maarifləndirici kurslar təkcə Bakı və iri şəhərlərdə yox, eyni zamanda, rayonlarda, kəndlərdə bilavasitə əhalinin iştirakı ilə keçirilsin ki, onlar da öz hüquqi biliklərini artırsınlar.
Vaxtın azlığı imkan vermir ki, başqa məsələlərə toxunam. Onları yazılı surətdə də göndərə bilərəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Bizə təqdim olunan məruzədən və təqdimatdan göründü ki, bələdiyyələrin fəaliyyətinə nəzarətlə məşğul olan orqan keçən il xeyli iş görmüşdür. Bələdiyyələrin həm müsbət istiqamətdə fəaliyyəti işıqlandırıldı, həm də çatışmazlıqlar öz əksini tapdı. Bu nöqteyi-nəzərdən biz məruzəni müsbət qiymətləndiririk.
Əgər nəzərə alsaq ki, 17 il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 30-a qədər qanunvericilik sənədi və digər normativ aktlar qəbul olunub, deməli, bu sahədə oturuşmuş bir sistem yaradılıb. Amma biz, Ziyafət müəllim, inkişafın yeni mərhələsinə keçmişik. Ona görə də bir neçə suala cavab verməliyik ki, yeni mərhələdə bələdiyyələrin yeri, rolu necə olacaq. Çünki 17 il ərzində yaxşı işləyən bələdiyyələr olsa da, ümumiyyətlə, bələdiyyələr yerli problemlərin həllində öz yerini, rolunu tam tapa bilmədi. Ona görə də yeni mərhələdə onların yeri, rolu nə olacaq sualına cavab verməliyik.
İkinci, Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin statusu kifayət qədər aydın formada yazılıb. Bu problemi həll etmək lazımdır. Yəni qanunvericiliyin, Konstitusiyanın ona verdiyi statusla real həyatdakı statusun uyğunluğu istiqamətində müəyyən islahatlar aparmaq lazımdır. Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında olan münasibətlər hamıya məlumdur. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin aktivliyini artırmaqdan ötrü onların icra hakimiyyəti orqanının tabeçiliyindən çıxarılması istiqamətində ciddi addımların atılması mütləq vacibdir.
Üçüncü vacib hesab etdiyim məsələ ondan ibarətdir ki, əvvəllər bələdiyyələrə büdcədən 3,5 – 3,6 milyon manat vəsait ayrılırdı, son vaxtlar 5,2 milyon manat vəsait ayrılıb. Hesab edirəm ki, bu, 3 dəfə artsa da, bələdiyyələrin problemini həll etmək üçün yetərli olmayacaq. Ona görə də bələdiyyələrin özlərinin qazanması mexanizmini yaratmaq lazımdır.
Bir sıra proqnozlara görə, bələdiyyələrin vergi sistemindəki son dəyişikliklərə görə ümumi illik gəliri haradasa 35 milyon manatın ətrafında idisə, həmin daşınmaz əmlakın vergi sistemi dəyişiləndən sonra bələdiyyələrin gəliri 3 dəfə, bəlkə bundan da çox artacaq. Onda sual yaranır ki, bəs necə oldu, həmin proqnozlar səviyyəsinə heç yaxın düşməyən səviyyədə artdı? Bu sualı mütləq qaldırmaq lazımdır.
Sonra, həmişə ənənəvi olaraq göstərilir ki, bələdiyyələrin fəaliyyətində 2 istiqamətdə – torpaqların verilməsində, bir də, maliyyədən istifadədə qanun pozuntusu var. Ziyafət müəllim, bura Azərbaycandır, hamımız bilirik ki, bələdiyyələr özbaşına torpaqları sata bilməz. Ona görə hesab edirəm, aidiyyəti orqanlarda dərin tədqiqatlar aparılmalıdır ki, torpaqla, maliyyə ilə bağlı qanun pozuntuları təkcə onların işi deyil. Yerli icra hakimiyyətinin təhriki nəticəsində yaranan faktlar da var, onlar ortaya çıxarılmalıdır. Bu istiqamətdə işin xeyrinə nəticələr əldə olunacaq. Bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Prezidentinin zəbt olunmuş torpaqların qaytarılması istiqamətində səyləri artırılmalıdır, çünki bir qrup adamın varlanması, yaxud da torpaqları zəbt etməsi hesabına Azərbaycanın kənd təsərrüfatının inkişafı qarşısında böyük maneə yaratmaq, hesab edirəm, düzgün deyil.
Bələdiyyələrin maliyyəsi ilə bağlı burada Arif müəllim çox vacib bir məsələ qaldırdı. Əgər doğrudan da, qanunvericilikdə müəyyən dəyişikliklər varsa, bunun reallaşma mexanizmini ortaya qoymaqla subvensiya mexanizmi vasitəsi ilə hər il, Ziyafət müəllim, xeyli sayda sosial xarakterli, yerli əhəmiyyətli layihələr həyata keçirmək olar ki, bu da yüzlərcə kəndin probleminin həllinə böyük kömək olar. Bu istiqamətdə işləri genişləndirmək lazımdır.
Bir də, hesab edirəm ki, burada çox düzgün məsələ qaldırıldı. Bələdiyyələrin fəaliyyətinə nəzarətlə yanaşı, qanunvericilikdə dəyişikliklər edib onları dəstəkləyən, onlara olan təpki və maneələrə görə aidiyyəti orqanların məsuliyyəti məsələsini özündə əks etdirən bir mexanizm hazırlanmalıdır. Digər tərəfdən isə bu sahədə digər orqanların da məsuliyyətini gücləndirmək çox vacibdir. Nəhayət, şəffaflıq, ictimai nəzarət mexanizmini də təkmilləşdirmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Vilayət müəllim öz məruzəsində bələdiyyələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. Həm şikayətlərə baxılması, həm də onlara cavab verilməsi məsələləri qeyd olundu. Hər il biz bunun şahidi oluruq ki, bələdiyyələrin bu formada fəaliyyət göstərməsi üçün lazımi addımlar atılır. Mən keçən il demişdim, bu il də o fikrimi davam etdirirəm ki, bir neçə məsələ həll olunmasa, bələdiyyələrin fəaliyyətində hər hansı gözə çarpacaq addımların şahidi olmayacağıq. Birincisi, bələdiyyələrin sayı, ikincisi, bələdiyyələrin tərkibi azaldılmalıdır. Bakının bir rayonunda 19 nəfər bələdiyyə üzvü seçilir. Yaxud da kiçik bir kənddə görürsən ki, ya 5 nəfər, ya da 7 nəfər bələdiyyə üzvü seçilir. Dünya praktikası var, belə kiçik kəndlər birləşir və yaxud da hərəsində bir nəfər nümayəndə seçilir. O da bu işə rəhbərlik edir və bütün məsələlər də həll olunur.
Parlamentdə bələdiyyə ilə bağlı qanunların hazırlanmasında mən geniş şəkildə iştirak etmişəm. Qanunla bələdiyyəyə kifayət qədər status verilmişdir. İlkin illərdə biz bələdiyyələrin fəaliyyətinin düzgün istiqamətdə getməsi üçün lazımi tövsiyə və tapşırıqlar hazırlaya bilmədik. Ziyafət müəllim, hüquqşünassınız, gözəl bilirsiniz, qanun başqadır, tövsiyələr, fəaliyyət istiqaməti başqa. Bu baxımdan onların fəaliyyət istiqaməti tamamilə başqa anlayışa yönəldi. Yəni ictimaiyyət tərəfindən belə dərk olundu ki, bələdiyyə ancaq torpaq alveri ilə məşğul olmalıdır və sair. Amma əslində, bələdiyyə verilən səlahiyyətlər çərçivəsində kifayət qədər işlər görə bilərdi. Amma gec deyil, indi də bunu başlamaq və bu fəaliyyəti davam etdirmək olar.
Mən bələdiyyələri 2 hissəyə bölərdim: şəhər bələdiyyələri və kənd bələdiyyələri. Kənd bələdiyyələrinə kifayət qədər örüşlər, torpaq sahəsi, suya nəzarət, torpaq vergisi və digər məsələlər həvalə olunmuşdur. Lakin buradan gələn gəlirlərin hesabına bir müəssisə açmaq, bir meyvə bağı salmaq, bir neçə il gözləmək, səbir etmək, təcili elə gələni götürüm paylaşdırım fikrindən bir az uzaq olmaq, məktəb, bağça tikmək, bələdiyyə qəbiristanlığı salmaq əvəzinə, həmin vəsait bələdiyyə üzvləri arasında paylandı, bölündü, hər birinə əmək haqqı kimi yazıldı və hər bir özünə böyük bir aparat formalaşdırdı. Elə bil, icra hakimiyyətidir və başladı bu istiqamətdə fəaliyyət göstərməyə.
Bir var torpaq icarəyə verilir, bir də var ki, bu torpaqdan bələdiyyə özü istifadə edir, mülkiyyətini formalaşdırır, meyvə bağını salır. Lakin bu addımların heç biri atılmadı və hamı fikirləşdi ki, bəlkə növbəti dəfə seçilmədim, kim seçildisə, niyə onu başqasına saxlayım, elə özüm axırına çıxım. Bu baxımdan da bu gün bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı üçün yararlı torpaqdan və digər məsələlərdən istifadə etmək çətinləşibdir. Çünki onlar ayrı-ayrı şəxslərə verilib, satılıb, özəlləşdirilibdir. Onun üçün də kənd təsərrüfatının inkişafına bu məsələ xeyli ziyan vurur. Amma vaxtilə bələdiyyə istəsəydi, qeyri-neft sektorunun inkişafı üçün lazımi işlər görə bilərdi.
Mən yenə deyirəm, bu, xüsusilə kənd bələdiyyələrinə aiddir, şəhərdə bu məsələlər bir az çətindir. Düzdür, şəhərdə də kiçik müəssisələr açmaq olardı. Həm də dövlət tərəfindən dotasiya verilirdi, bunlardan istifadə etmək olardı. Əfsuslar olsun ki, bunlar hamısı mebelə, maşına və digər məsələlərə sərf olundu. Nəticə etibarilə də bu gün biz bələdiyyələrin fəaliyyətini müzakirə edəndə başqa-başqa məqamlar axtarırıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən də razılaşıram ki, illik məruzədə bütün məsələlərə kifayət qədər toxunulubdur. Amma məsələ burasındadır ki, postneft dövrü üçün Azərbaycanda qeyri-neft sektorunun inkişafında bələdiyyələrin üzərinə düşə biləcək və bələdiyyələrin verə biləcəyi töhfələr yetərincə deyil. Məncə, daha çox istehsal sahələri yaratmaq, idxal asılılığından qurtarmaq, ixracat hücumu ilə bağlı olaraq əyalətləri bu işlərə qoşmaq və əyalətlərdə olan bələdiyyələrin imkanlarını artırmaq sahəsində işlər yetərli deyil.
Mən bir məsələyə toxunmaq istəyirəm. Ötən il ərzində yeni yaradılan müəssisə və təşkilatların, – bu, Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərdir, – 97 faizi xüsusi mülkiyyətin, 0,1 faizi bələdiyyə mülkiyyətinin, 2,3 faizi isə dövlət mülkiyyətinin payına düşübdür. Göründüyü kimi, bir il ərzində yaradılan müəssisə və təşkilatların cəmi 0,1 faizi bələdiyyə mülkiyyətində olub. Amma bunların da 63 faizi Bakı ərazisində yaradılıb. Deməli, əyalətlərdə daha az müəssisələr yaradılıbdır.
Hesab edirəm ki, bələdiyyələrin də müəssisə və təşkilatların yaradılmasında iştirak etməsi, istehsalla məşğul olması idxaldan asılılığa xeyli dərəcədə təsir göstərəcək. Həm yeni iş yerləri açılar, həm də süni urbanizasiyanın, Bakıya axının qarşısı alınar. Yerlərdə, əyalətlərdə yaranan müəssisələr insanların ora qayıtmasına, orada çalışmasına səbəb ola bilər. Orada yaradılan emal müəssisələri kənd təsərrüfatının inkişafı ilə bərabər bölgələrə ciddi şəkildə yeni bir nəfəs verər. Ona görə də hesab edirəm ki, bu görülən işlərlə bərabər, bu tipli müəssisələrin yaradılması üçün bələdiyyələrə xüsusi kömək göstərilməsi vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, Vilayət müəllimin hesabatını diqqətlə dinlədik və təbii ki, bizə verilmiş sənədləri də geniş şəkildə incələdik. Ortaya bir neçə maraqlı məqam çıxır. Bu maraqlı məqamlardan biri ondan ibarətdir ki, çox təəssüf ki, neçə illər keçməsinə baxmayaraq, bələdiyyələrin əksəriyyətində bələdiyyə institutunun mahiyyəti ilə bağlı geniş bilgilər yoxdur. Çünki elə hesabatda vurğulanır ki, bələdiyyələrin fəaliyyətində yol verilən hüquq pozuntuları, nöqsanlar, çatışmazlıqların içərisində diqqəti cəlb edən birinci məsələ bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarların qəbul edilməsidir. Yəni belə görünür ki, bələdiyyə sədrlərinin böyük bir hissəsi özlərini bələdiyyə sədri kimi deyil, idarə rəisi kimi hiss edirlər. Bələdiyyə sədri, əslində, bələdiyyə institutunun mahiyyəti ilə bağlı geniş bilgilərə malik deyil və bu da bizi çox düşündürməlidir. Bunun üzərində çox ciddi şəkildə işləməliyik.
Burada vurğulanan digər bir məsələyə də toxunacağam. Təbii ki, yaxşı işləyən bələdiyyələrə dəstək verilməlidir. Amma ortada dəhşətli faktlar var. Mən Vilayət müəllimdən bu hesabatda tapa bilmədiyim bir məsələni soruşmaq istəyirəm.
Məsələn, elə Abşeron rayonunun Qobu bələdiyyəsini götürək. Orada tanıdığım bəzi jurnalistlər yaşayır. Mən hər ay onların yazdığı məqalələri oxuyuram və görürəm ki, Qobuda nə qədər problem var. Qobu bələdiyyəsində 900 mindən çox pul vəsaitinin qanunsuz silinməsi, satışı qadağan edilən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 20 hektar torpağın satılması faktları aşkarlandı. O, vəzifəsini tərk elədi. Bəs bu vəsait geriyə qaytarıldımı? Bu vacib məsələdir, çünki Qobu bələdiyyəsinin vəsaitə ehtiyacı var. 900 min böyük vəsaitdir. Bununla kənddə çoxlu sayda problem öz həllini tapardı. Bu problemlər aşkar olunur və onlar vəzifələrindən gedirlər, məsuliyyətə cəlb olunurlar. Amma bu vəsaitlərin geri qaytarılmasında vəziyyət necədir, Vilayət müəllim? Bunu bilmək istəyirik. Çox böyük rəqəmlərdir.
İkinci, hesabatda da vurğulanır ki, bələdiyyələrin fəaliyyətindəki nöqsan və çətinliklərin içərisində ikinci yerdə dövlət mülkiyyətində olan torpaqlar üzərində sərəncam verilməsi, üçüncü yerdə isə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsi dayanır. Bəzi adamlar hələ də öz səlahiyyətlərində olan torpaqla dövlət mülkiyyətində olan torpağın fərqini bilmirlər. Bu, dəhşətli bir məsələdir. Yox, bilərək bunu edirlərsə, ikiqat dəhşətlidir.
Amma burada bir məsələ var. Siz bilirsiniz ki, bu məsələlər araşdırılır, dəyən zərər dövlətə geri ödənilir. Amma ortada vətəndaş var, Vilayət müəllim. Mən bir-iki fakt deyim. Onlar bu vətəndaşa torpağı verirlər, vətəndaş da bunun üzərində mülk tikir. Sonra məlum olur ki, ümumiyyətlə, bu torpağın bələdiyyəyə aidiyyəti yoxdur. Vətəndaş nə eləsin? Axı bunun üstündə ev tikib. Vətəndaş deyir ki, bunu mənə bələdiyyə vermişdi. Bələdiyyə də dövlətin qanuni qurumu hesab olunur. Vətəndaşların maraqları istiqamətində də düşünmək lazımdır, çünki ciddi problemlər yaranır.
Ən sonda demək istəyirəm ki, yaxşı işləyən bələdiyyələr də var. Vilayət müəllim, Arif müəllim də bu məsələyə toxundu, yaxşı olmazmı ki, işləyən bələdiyyələrin fəaliyyəti stimullaşdırılsın. Mən də kənd rayonunu təmsil edirəm və bilirəm ki, kənd bələdiyyələrinin vəsaitə ehtiyacı var. Onlar layihələr təqdim edirlər, amma heç biri bu subvensiyadan yararlana bilmir. Yaxşı işləyən bələdiyyələrə dəstək verilməsi yaxşı və pis işləyən bələdiyyələrin fəaliyyətinin fərqləndirilməsinə imkan yaradardı. Nədən bu 70-dən yuxarı layihə dəyərləndirilmədi? Ümumiyyətlə, bununla bağlı bir ümid varmı? Yoxsa, artıq belə deyək, bələdiyyələr bilsin ki, bu qapı bağlanıb, onların əsaslandırıb göndərdikləri layihələrin artıq heç bir mənası olmayacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən çox dolğun məruzəsinə görə hörmətli Vilayət müəllimə öz təşəkkürümü bildirirəm. Məruzə vasitəsi ilə biz bildik ki, Ədliyyə Nazirliyi bələdiyyələrlə çox sıx və məzmun üzrə işləyir. Onlara elmi-metodik köməklik, hüquqi yardım göstərir, seminarlar təşkil edir. Yəni Ədliyyə Nazirliyinin timsalında biz dövlətin bələdiyyələrə xüsusi diqqətini, bələdiyyələrin formalaşmasında marağı olduğunu görürük. Bu istiqamətdə Ədliyyə Nazirliyinin fəaliyyəti təqdirəlayiqdir.
Görülən bir çox müsbət işlər var və bununla bağlı bildirildi. Mən hörmətli Qənirə xanımın təklifini dəstəkləyirəm, fərqlənən bələdiyyələri, sözün əsl mənasında, qiymətləndirmək və cəmiyyətə tanıtmaq lazımdır. Çox təəssüf ki, bələdiyyələr deyəndə bizim gözümüzün qabağına ilk növbədə “torpaq ayrılması”, haradasa “yeyinti”, “zəif bələdiyyələr” kimi anlayışlar gəlir. Niyə “bələdiyyə” deyəndə gözümüzün qabağında artıq oturuşmuş, tanınan, nüfuzlu, öz üzərinə düşən vəzifələri yerinə yetirə bilən nümunələr olmasın. Nəyə görə biz bələdiyyə sədrlərinin, bələdiyyə üzvlərinin dövlət başçısı tərəfindən mükafatlandırılmasını eşitmirik? Mən hesab edirəm ki, Ədliyyə Nazirliyi belə təkliflərlə çıxış edə bilər.
Mən bilmirəm, var, yoxsa yoxdur, təklif edirəm, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin yerlərdə regional mərkəzləri yaradılsın. Yəni birdən-birə idarə 2000-3000 bələdiyyə ilə işləməsin. Qoy regional idarə 50-100 bələdiyyə ilə işləsin. Bu, bələdiyyələrin gündəlik qayğılarını, problemlərini görməyə və onlara yerindəcə kömək etməyə çox yardım edə bilər.
Burada vaxtaşırı bələdiyyələrin torpaq ayırması ilə bağlı problemlər qaldırılır. Bunun acısını həmin torpağı alanlar, həmin torpaqda ev tikənlər, hansısa bir biznes məqsədi üçün istifadə edənlər çəkir. Olmazmı bələdiyyələr bu torpağı ayırmadan əvvəl ona müvafiq qurumun rəyi verilsin? Yəni bələdiyyənin torpaq ayırmaq hüququ ancaq və ancaq müvafiq dövlət qurumunun rəyindən sonra mümkün olsun.
Bələdiyyələr artıq 17 ildir ki, fəaliyyət göstərirlər. Bir çox bələdiyyələrimiz artıq tanınır. Bir çox işlər görülür. Artıq regionlarda bələdiyyələr özlərini təsdiq ediblər. Bələdiyyə sədrləri, doğrudan da, yaşadıqları yerlərin nüfuzlu, tanınan, qapısı döyülən insanlarına çevriliblər.
Amma bununla belə, etiraf edək ki, hələ də bələdiyyələrin ciddi maddi-texniki bazasının yaradılmasına nail ola bilməmişik. Bələdiyyələr hələ də ciddi biznes layihələri ilə çıxış edə bilmirlər. Bələdiyyələrin hələ də hüququ olan, amma təəssüf ki, reallaşdırılmayan çox sayda işləri var. Hələ biz eşitməmişik ki, bələdiyyənin məktəbi, uşaq bağçası var, hansısa bir təsərrüfat obyekti açıb və sair.
Hörmətli Arif müəllimə təşəkkür edirəm, təmsil olunduğum Mingəçevir şəhərini nümunə gətirdi. Mingəçevir bələdiyyəsi məhkəmənin qərarı olsa da, yığa biləcəyi vergini hələ də toplaya bilmir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu məsələdə bələdiyyələrin yanında olmalı, onlara dəstək verməlidir. Doğrudan da, çətinliklə yığdıqları vergilərin qanuna uyğun olaraq ödənilməsi üçün onlara kömək göstərilməlidir. Bəlkə hansısa qanunda dəyişiklik edək? Bəlkə hansısa bir strukturun yaradılması ilə bağlı təşəbbüslə çıxış edək? Mənə elə gəlir ki, bələdiyyələr almalı olduqları vergi ayırmalarını mütləq almalıdırlar.
Eyni zamanda, təklifim nədən ibarətdir? Bələdiyyələrə onların hüququ olan obyektlərin yaradılmasına kömək məqsədi ilə gəlin, bir dövlət dəstəyi proqramı hazırlayaq. Bələdiyyə yanında uşaq bağçalarının, kiçik məktəblərin, təsərrüfat obyektlərinin yaradılması üçün dövlət hesabına faizsiz kreditlər verək. Eyni zamanda, həmin kreditlərin təyinatı üzrə xərclənməsinə də dövlət tərəfindən nəzarət olsun. Bu, eksperiment kimi ola bilər. Ölkə daxilində artıq oturuşmuş, öz təşəbbüsləri, ilkin nəticələri olan bələdiyyələrə eksperiment kimi dövlət tərəfindən maliyyələşən belə layihələrlə köməklik etmək olar. Mən hesab edirəm ki, bir illik fəaliyyəti məqbul hesab etmək olar. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Biz hər il, təbii ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun – Ədliyyə Nazirliyinin hesabatını dinləyirik və hər il də təkliflərimizi verir, müəyyən məqamlara münasibət bildiririk. Amma, doğrudan da, bələdiyyələr yarandığı gündən ancaq belə hesab elədilər ki, bu qurumun fəaliyyəti ancaq torpaq satmaqdan ibarətdir. O dövrdən xeyli müddət keçib. Artıq bələdiyyələrlə işin qurulması, bələdiyyələrə yanaşma, bələdiyyələrin məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə etdiyimiz dəyişikliklər, təbii ki, onları düşünməyə vadar edir. Zaman-zaman bu istiqamətdə buraxılmış qüsurların bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurum tərəfindən qarşısının alınması üçün atılan addımları da görürük.
Bir məsələni də qeyd eləyim. Mən niyə zaman və dövr dəyişib dedim? Artıq bələdiyyələr bizim gözlədiyimiz fəaliyyətə keçməklə bərabər, həm də ölkənin iqtisadi potensialının inkişafında yaxından rol oynamalıdırlar. Kənd təsərrüfatının inkişafı üçün istehsalçıların və istehlakçıların birgə fəaliyyətinin əsas istiqamətlərini, o cümlədən bələdiyyələrin bu sahədə vəzifə və səlahiyyətlərini müəyyən edən “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunla biz ölkənin iqtisadi potensialından səmərəli istifadə olunmasına şərait yaradan bütün imkanları onlara vermişik. Amma təbii, nəzarət olmalıdır ki, onlar bundan kifayət qədər istifadə edə biləcəklər, yoxsa yox?
Amma bizim bugünkü müzakirəmiz bələdiyyələrin fəaliyyəti ilə bağlı deyil, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatına münasibətdir. Ona görə də mən belə hesab edirəm ki, biz burada Vilayət müəllimin çıxışına, onların bizə təqdim etdikləri hesabata münasibət bildirməliyik. Hörmətli Arif Rəhimzadənin bu sahədə kifayət qədər təcrübəsi var və çox iş görür. Bu komitə, demək olar ki, tam tərkibdə hər gün işdədir və ona görə də bu ağrılar onlara çox tanışdır. Amma yenə də biz görülən işlərə münasibət bildirməliyik.
Elə 2016-cı ildə bələdiyyələrin fəaliyyəti üçün aktual olan mövzular üzrə keçirilən seminarların sayının 166-a çatdırılmasını götürək. Bu, kiçik rəqəm deyil. Burada insan resursu, maddi resurslar, vaxt və zaman var. Bu onu göstərir ki, bu işlər bələdiyyələrin daha yaxşı işləməsinə yönələn addımlardandır. Bir məsələni də qeyd edim ki, 2016-cı ildə məhz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun müdaxiləsi nəticəsində bələdiyyə mülkiyyətinə qaytarılmış torpaqların həcmi 2015-ci ildən 6 dəfə çox olmuşdur. Təbii ki, biz bunu dəyərləndirməliyik.
İndi hörmətli Qənirə xanım Qobu bələdiyyəsində baş verənlərdən danışdı. Belə hallar Bakının bir neçə bələdiyyəsində də var. Elə 900 min manat pulun mənimsənilməsi faktı Sabunçu bələdiyyəsində də var. Doğrudan da, biz istəyirik ki, bu pullar dövlətə, büdcəyə qaytarılsın. Biz çox istərdik ki, bələdiyyələrin fəaliyyətinə nəzarət edən qurum bu məsələdə daha ciddi və kəsərli olsun. Əgər pulun qaytarılması real deyilsə, təbii ki, hüquq mühafizə orqanları ilə əməkdaşlıq protokolları var, bunu həyata keçirə bilərlər.
Digər bir məsələni də qeyd edim. 2016-cı ilin mart ayında qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində bələdiyyə aktlarının sürətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə cərimələri artırdıq. Biz bu qanunu niyə qəbul elədik? Ona görə qəbul elədik ki, onların qəbul etdiyi aktları onlara nəzarət edən qurum görə bilsin. Amma indiyə qədər bu yox idi. Belə hesab edirəm ki, bu, qurumun fəaliyyətində yeni bir dönəm olacaq və daha ciddi işləməyə başlayacaqlar.
Sonda qeyd edim ki, mən bu hesabatı müsbət qiymətləndirirəm. Bir məsələni də deyim ki, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən bu quruma professional bir hüquqşünas rəhbər təyin olundu. Mən ümid edirəm ki, yeni təyin olunmuş rəisin kollektivlə birlikdə növbəti hesabat ilində yeni uğurlara imza atacağının şahidi olacağıq. Onlara uğurlar diləyirəm. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Kamran Bayramov.
K.Bayramov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən də sizə qoşulub bu gün müzakirəmizə çıxarılan məruzəyə münasibət bildirmək istəyirəm. Ümumiyyətlə, ötən il ərzində Ədliyyə Nazirliyinin inzibati nəzarət orqanı qismində fəaliyyəti olduqca uğurlu olmuş, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsində və şəffaflığın artırılmasında mühüm rol oynamışdır. Onun nəticəsidir ki, bu sahədə baş verən hüquq pozmaların sayı, bələdiyyə sədrlərinin inzibati məsuliyyətə cəlb olunması halları azalmışdır.
Mən bir məsələyə toxunmaq istərdim. Məlum olduğu kimi, Ədliyyə Nazirliyi bələdiyyələrin maarifləndirilməsi sahəsində aparıcı, cavabdeh bir orqandır. Məruzəyə nəzər salsaq, mövzulara rast gəlmək olar. Eyni zamanda, həmin məruzədə bələdiyyə sədrləri tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı statistikaya, təhlillərə rast gəlmək olar. Mən təklif edərdim ki, bura mütləq şəkildə torpaq qanunvericiliyinin izahı və torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət mövzusunda maarifləndirmə tədbirləri əlavə edilsin. Əgər bu mövzularda tədbirlər keçirilərsə, ümid edirəm ki, bu sahədə olan hüquq pozuntularının qarşısını almış olarıq.
Burada həmkarlarım tərəfindən çox haqlı irad və təkliflər səsləndi. Mən də bələdiyyələrin fəaliyyətində olan problemlərdən danışmaq istəyirəm. Ümumiyyətlə, burada bələdiyyələr üçün hansısa əlavə səlahiyyətlərin, funksiyaların verilməsindən söhbət gedə bilməz, çünki hazırda bələdiyyələrin əlində çox geniş şəkildə gəlir gətirə bilən səlahiyyətlər cəmləşib. Amma məsələ bundadır ki, həmin səlahiyyətlərin həyata keçirilməsi, icra edilməsi səviyyəsi o qədər də yüksək deyil. Bu sahədə də bir çox məsələlər bələdiyyələrin özlərindən asılı deyil. Həm Ədliyyə Nazirliyi, həm Vergilər Nazirliyi, həm də Milli Məclis bu işdə bələdiyyələrə kömək göstərməlidir.
Konkret bir misal gətirim. Bu yaxınlarda Vergi Məcəlləsinin 220-ci maddəsinə dəyişiklik edildi. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə bir faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Bu məcəllənin 106-cı maddəsində isə qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarının gəlirləri vergidən azaddır. Artıq bir çox bələdiyyələr komitəyə müraciət ediblər ki, bir sıra banklar bələdiyyələrin hesablarındakı pulun nağdlaşdırılmasına görə həmin o sadələşdirilmiş vergini tuturlar. Onda mənim belə bir sualım var, vergidən vergi tutarlar? Mən bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etmək istəyirəm. Təbii ki, anlayıram, bu məsələ birbaşa onların səlahiyyətlərinə aid deyil, lakin Vergilər Nazirliyinə inzibati nəzarət orqanı kimi müraciət edə bilərlər ki, buna bir aydınlıq gətirilsin. Banklara məktub göndərsinlər ki, ümumiyyətlə, bələdiyyələrdən vergi tutulmasın, çünki bu, qəbul etdiyimiz dəyişikliklə ziddiyyət təşkil edir.
Burada bələdiyyə müəssisələrinin yaradılması ilə bağlı fikir səsləndi, ona münasibət bildirmək istəyirəm. Onlar artıq var, mövcuddurlar. Ötən ilin sonunda Regional məsələlər komitəsi Şəmkir şəhərində bələdiyyələrin milli assosiasiyaları ilə birgə tədbir keçirmişdi. Məlumat verim ki, Şəmkir şəhərində 42 bələdiyyə müəssisəsi fəaliyyət göstərir. Biz bir neçəsi ilə artıq tanış olmuşuq. Müsbət təcrübədir və digər bələdiyyə sədrləri də bununla tanış oldular, bəhrələndilər. Güman edirəm ki, biz yaxın zamanlarda belə bələdiyyə müəssisələrinin digər regionlarda yaradılmasının şahidi olacağıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu məsələ bizim komitədə müzakirə olunduğu üçün mənim danışmağıma xüsusi ehtiyac yoxdur. Amma müzakirənin gedişindəki müəyyən məqamlar bəzi məsələlərə münasibət bildirməyi tələb etdi. Birincisi, bizim mövzumuz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədir. Biz bu məruzəni müzakirə etməliyik. Çox təəssüf ki, həmkarlarımın əksər hissəsi dedi ki, məruzə yaxşı hazırlanıb, qəbul olunsun. Amma çox təəssüf ki, məruzədən bir kəlmə söz açılmadı, amma bələdiyyələrlə bağlı nəyi bilirdilərsə, gündəmə gətirdilər. Bələdiyyələrlə bağlı səhərdən axşamacan danışmaq olar.
Bu gün bir-iki saatlıq müzakirədə bizim əsas vəzifəmiz aşağıdakı məqamları üzə çıxarmaq idi. Birincisi, dövlətin iqtisadi siyasətinin və siyasi kursunun həyata keçirilməsində bələdiyyələrin rolu nədən ibarətdir və məruzədə həmin rol ifadə edilibmi?
İkincisi, məruzədə söhbət inzibati nəzarətdən gedir. İnzibati nəzarət də burada var, bir neçə rayonun bələdiyyə sədrlərinin yediyi, dağıtdığı məbləğlərin hamısı göstərilib. Amma elə-belə baxanda bu gün inzibati nəzarəti həyata keçirən orqan özünün fəaliyyətindən çox kənara çıxıb. İnzibati nəzarət və kurs. Bu, necə ola bilər? Təlimlərdir, maarifləndirmədir. Burada bəzi məsələlərdə müəyyən qədər məntiqi pozuntular var. Ona görə, güman edirəm ki, növbəti ildə bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən yox, bələdiyyələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirən məruzə kimi olsun və bütün digər məsələlər də burada öz əksini tapsın. Ona görə də burada məsələlərin müzakirəsində bu məqamlar əsas və həlledici olmalıdır.
Amma mən, ümumiyyətlə, Arif müəllimin təklifinə qoşuluram. Bələdiyyələrin fəaliyyəti ilə bağlı bizim komitəyə çox nəfis şəkildə məruzə təqdim olundu. Komitədə də kifayət qədər iradlar bildirildi, fikirlər söylənildi, amma güman eləyirəm, belə nəfis şəkildə tərtib olunmuş bir məruzəni təzədən dağıtmaq, yığmaq istəyi olmadığı üçün orada səslənən fikir və mülahizələr orada da qalıb. Növbəti ildə bu məsələlər nəzərə alınmalıdır.
Mən yenə də o məsələyə qayıdıram. Biz məsələləri bir-biri ilə qarışdırmamalıyıq. Seçkili orqana inzibati nəzarət necə ola bilər? Onda bizim parlamentə də inzibati nəzarət eləyək də. Nəzarət Ədliyyə Nazirliyinin ixtiyarında qalsın, biz bundan imtina eləmirik, amma “inzibati” ifadəsi ilə buradakı fəaliyyət nə elmi məntiqə, nə dilə uyğun gəlir. Amma ümumilikdə götürəndə mənim suallarımın hamısına məruzədə cavab var; iqtisadi siyasətin həyata keçirilməsində bələdiyyələrin rolu, siyasi kursda bələdiyyələrin rolu, bələdiyyələrin elmi fəaliyyətinin, düşüncə fəaliyyətinin və istiqamətlərinin müəyyən olunmasında inzibati nəzarətin rolu və sair. Təsəvvür edin, 8 rayonun bələdiyyəsinin məsələsi qoyulub. Bir qəsəbənin bələdiyyəsi 100 min, 200 min pul yeyir. İndi təsəvvür edin, bu nəzarət olmasa, Molla Nəsrəddinin məsələsinə dönər, “buraxılan lap irəli gedər”. Biz bunun əleyhinə deyilik, ciddi nəzarət olmalıdır, amma bu məruzənin məzmun və formasına müzakirələrdə münasibət tamamilə başqa olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mən bilmirəm, sizin niyə “inzibati” sözündən xoşunuz gəlmir, amma gəlsə də, gəlməsə də bu, “inzibati nəzarət” olmalıdır. Əvvəla, ona görə ki, bu, Konstitusiyada yazılıb. Bu, Konstitusiyanın tələbidir və bələdiyyələrlə bağlı bütün qanunlarımızda da inzibati nəzarətdən söhbət gedir. Sizin dediyiniz təlimlər, kurslar elə nəzarətin predmetinə daxil olan məsələlərdən biridir.
Burada qeyri-adi bir şey yoxdur. Yəni Ədliyyə Nazirliyi öz səlahiyyətləri çərçivəsində, – siz dediniz, əslində səlahiyyətini aşmır, – bələdiyyə üzvlərinin maarifləndirilməsi ilə bağlı işlər görür. Xarici ölkələrdəki bələdiyyələrin fəaliyyəti öyrədilir, müqayisələr aparılır. Bunları bizim bələdiyyə üzvlərinin bilməsi pisdir bəyəm? Ona görə, mən hesab edirəm, tamamilə doğrudur, “inzibati nəzarət” olmalıdır. Adil Əliyev, buyurun.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Vaxtınızı çox almayacağam. Biz illik məruzəyə qulaq asdıq və təbii ki, görülən işlərlə bağlı dolğun məlumat verildi. Ancaq bəzi təkliflər irəli sürmək istəyirəm. Bu gün bələdiyyələrin fəaliyyətini hər kəs qınayır və bələdiyyələrin işinin onları qane etmədiyini dilə gətirirlər. Ancaq təkliflər irəli sürülmür ki, bələdiyyələr fəaliyyətlərini daha da gücləndirmək üçün hansı işləri görsünlər və öz ərazilərində yaşayan insanlara hansı xeyirləri versinlər?
Bu gün Bakı şəhərində bir çox təşkilatların, qurumların binaları var ki, onlara nə rayon icra hakimiyyəti, nə də Bakı Şəhər İcra Hakimiyyəti kommunal xidmətlər göstərmir. O binalarda yaşayan insanlar da daim öz problemləri ilə bağlı bizə müraciət edirlər. Həmin xüsusi təyinatlı binalar bələdiyyələrə tapşırılsa, bələdiyyələr onların problemləri ilə yaxından məşğul ola bilərlər. Onsuz da heç kim o binaların problemi ilə məşğul olmur. Rayon icra hakimiyyətinə zəng edirsən, deyir ki, bu, xüsusi təyinatlı binadır, bizim balansımızda deyil. Həm köhnə xüsusi təyinatlı binalar, həm də yeni tikilmiş binalar var ki, orada komendantlar insanların başına oyun açırlar. Bu iş bələdiyyələrə tapşırılsaydı həm orada quldurluqla məşğul olan insanların hərəkətlərinə son qoyulardı, həm də bələdiyyələrin bir işi olardı. Beləliklə, o binaların problemləri həll olunardı. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Adil müəllim, təşəkkür edirəm. Bununla da çıxış üçün yazılanların siyahısı başa çatır.
Hörmətli deputatlar, burada məruzə ilə bağlı xeyli fikirlər səsləndi. Əgər etiraz etmirsinizsə, Vilayət müəllimə söz verək, deyilən məsələlərə münasibət bildirsin. Buyurun.
V.Zahirov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəyə, bələdiyyələrin fəaliyyətinə, problemlərinə göstərilən diqqətə görə Milli Məclisin rəhbərliyinə və Milli Məclisin deputatlarına təşəkkürümüzü çatdırmaq istərdim. Doğrudan da, müzakirələrdə çox dəyərli fikirlər səsləndi, konstruktiv təkliflər irəli sürüldü. Deyilən hər bir təklif, irad və tövsiyə gələcək fəaliyyətimizdə nəzərə alınacaq, təhlil olunacaq. Bu gün yerli özünüidarəetmənin inkişafına təkan verəcək bütün təkliflər nəzərə alınaraq həyata keçiriləcəkdir.
Eyni zamanda, burada çoxlu suallar oldu. Mən qeyd etmək istərdim ki, doğrudan da, bu sualların əksəriyyəti illik məruzə ilə, inzibati nəzarətlə bağlıdır. Amma sırf inzibati nəzarətin predmetindən kənara çıxan məsələlər də var idi. Bunlar bələdiyyələrin maliyyə, təsərrüfat və digər fəaliyyəti ilə bağlıdır ki, onlar da inzibati nəzarətlə əhatə oluna bilməz.
İnzibati nəzarət Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna, o cümlədən Yerli özünüidarə haqqında Avropa Xartiyasına uyğun olaraq həyata keçirilir. Ona görə də biz illik məruzəni hazırlayarkən və ya ilboyu bələdiyyələr üzərində inzibati nəzarəti həyata keçirərkən çalışmışıq ki, bu, inzibati nəzarətin predmetindən kənara çıxarılmasın, yəni qanun pozuntularına yol verilməsin. Çünki “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 4-cü maddəsində birbaşa göstərilir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sırf qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
Eyni zamanda, qanunun 1-ci maddəsində qeyd olunub ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilir. Doğrudan da, burada çoxlu sualların səslənməsi, təklif və iradların bildirilməsi ölkəmizdə yerli demokratiyaya, yerli özünüi-darəyə göstərilən diqqətin nəticəsidir.
Mən qeyd eləmək istəyirəm, illik məruzə Regional məsələlər komitəsində müzakirə olunarkən orada çoxsaylı irad və təkliflər bildirilib. Bildirmək istəyirəm ki, bunların hamısını qeyd etmişik və onların üzərində təhlil aparılır. Təbii ki, hamınız yaxşı bilirsiniz, komitənin iclasında verilən təkliflərə təzədən baxmaq, illik məruzədə dəyişiklik eləmək artıq mümkünsüz idi. Ancaq mən bu gün hörmətli Arif müəllimi əmin eləmək istəyirəm ki, orada səslənən fikirlər diqqətlə araşdırılacaq və növbəti ildə hamısı nəzərə alınacaqdır.
Burada subvensiya məsələlərinə xüsusi diqqət göstərildi. Mən düşünürəm ki, bu, doğrudan da, çox vacib məsələdir. Qeyd olunduğu kimi, 70-ə yaxın bələdiyyə tərəfindən subvensiya məsələləri üzrə proqram irəli sürülüb. Bilirsiniz ki, bunların həyata keçirilməməsinin bir çox səbəbləri var. İlk növbədə bu, maliyyə məsələləri ilə bağlıdır. İndiki vaxtda bunların hamısının həyata keçirilməsi ilə bağlı tələblər irəli sürmək, doğrudan da, real olmaz. Amma gələcəkdə iqtisadi, sosial, ekoloji, sosial müdafiə və sair sahələr üzrə problemlərin icrası üçün subvensiyalarla bağlı layihələr irəli sürülərsə, bunların hazırlanmasına və həyata keçirilməsinə lazımi köməklik göstəriləcəkdir.
Burada inzibati nəzarət, xüsusilə də torpaq qanunvericiliyinin qorunması, torpağın ayrılması zamanı yol verilən qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı məsələlər də öz əksini tapdı. Gördüyünüz kimi, illik məruzədə də biz inzibati resurslardan daha çox maarifçilik tədbirlərinin genişləndirilməsinə əhəmiyyət vermişik. Bu da təsadüfi deyil. Burada da qeyd olundu ki, təkcə maarifçilik tədbirlərinə bələdiyyə üzvləri və bələdiyyə qulluqçularından 12 min nəfərdən çox şəxs cəlb olunmuşdur. Qeyd olunduğu kimi, 190-dan çox seminar, müxtəlif təlimlər keçirilib ki, bu da həmin məsələləri əhatə edir. Mən düşünürəm ki, növbəti ildə də maarifçilik tədbirlərinin gücləndirilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi işlər görüləcək.
Burada yerlərdə inzibati nəzarətin həyata keçirilməsi, yerli ədliyyə qurumları barədə bir sual səsləndi. Mən qeyd etmək istəyirəm ki, doğrudan da, belə qurumlar var. Respublikamızın 10 regionunda regional ədliyyə şöbələri var idi. İndi onların səlahiyyətləri artırılaraq onlara idarə statusu verilmişdir. Onların da əsas funksiyalarından biri yerlərdə inzibati nəzarəti həyata keçirmək, bələdiyyələrlə iş aparmaqdır. Bir daha qeyd eləmək istəyirəm ki, millət vəkillərinin burada qeyd etdikləri bütün təkliflərə baxılacaq və gələcəkdə nəzərə alınacaqdır. Mən bir daha illik məruzəyə və qaldırılan problemlərə diqqətlə yanaşdıqlarına görə millət vəkillərinə təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
Çox sağ olun, qanun qəbul edildi.
Mənim fikrim var idi ki, tənəffüssüz işləyək, ancaq ikinci oxunuşda iki qanun layihəsi var, çatdıra bilməyəcəyik. Ona görə tənəffüs elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Gündəliyin 3-cü məsələsi Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsidir. Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Meşə Məcəlləsinin “Meşə fondu torpaqlarının icarəyə verilməsi” adlı 22-ci maddəsində qeyd olunurdu ki, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən 1 ildən 10 ilədək verilə bilər. İndi təklif olunur ki, “1 ildən 49 ilədək” verilə bilər. Yəni əsas məqsəd budur.
Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə hazırlanmışdır. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu dəyişikliyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyursun Rövşən Rzayev.
R.Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təklif olunan dəyişiklik çox əhəmiyyətlidir. Belə ki, vəzifəli şəxslər, hətta inzibati xətalar üzrə icraat apararkən yol verdikləri pozuntulara görə inzibati məsuliyyət daşıyırlar. Lakin təcrübədə elə vəziyyət yaranır ki, idarəçilik sahəsində inzibati xəta törədən vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilir, cərimə ödəyir və o öz vəzifəsini icra etməyə davam edir.
Nəzərə alınmalıdır ki, inzibati xətalara görə məsuliyyət intizam hüquqpozmalarından daha ağır nəticə yaradır. Məhz bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 596-cı maddəsinə təklif edilən dəyişiklikdə vəzifəli şəxsin inzibati məsuliyyəti ilə yanaşı, intizam məsuliyyətinə cəlb edilməsi şərti də nəzərdə tutur. Cənab Prezident tərəfindən təklif edilən layihəyə zərurət yaranıb və həmkarlarımdan onun qəbul olunmasına səs vermələrini xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.08 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Nəzərinizə çatdırmaq istərdim ki, müzakirənizə təqdim edilən Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirə olunmuş və deputatlar tərəfindən təkliflər verilməklə birinci oxunuşun tələblərinə cavab verməsi qeyd edilərək qəbul edilmişdir. Müzakirə zamanı qanun layihəsinin qüvvədə olan qanunverici aktdan fərqi barədə geniş arayış verilmiş, layihədə öz əksini tapmış yeniliklərin hüquqi islahatlar sahəsində qanunvericilikdə aparılan yeniliklərlə əlaqədar olması qeyd olunmuşdur.
Həmçinin birinci oxunuş zamanı Hərbi vəziyyət haqqında qanun layihəsinin Azərbaycan Respublikasında vacib sənəd olması qeyd edilmiş və layihədə hərbi vəziyyət şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və mülki şəxslərin, hərbi idarəetmə orqanlarının hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlərin həll edilməsi ilə əlaqədar yaranan münasibətlərin hüquqi tənzimlənməsi müəyyən edilmişdir.
Müzakirə zamanı deputatlardan Azay Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Zahid Oruc, Tahir Kərimli, Siyavuş Novruzov, Rövşən Rzayev, Sahib Alıyev tərəfindən layihə ilə əlaqədar müəyyən təkliflər irəli sürülmüşdür. Layihənin mətni üzrə deputatlar tərəfindən irəli sürülən təkliflər araşdırılmış və sənədə daha geniş aydınlıq gətirilmişdir. Həmçinin nəzərinizə çatdırmaq istərdim ki, müzakirə zamanı deputatlar tərəfindən irəli sürülən bir çox təklif layihədə qeyd edildiyindən onlar nəzərə alınmamışdır.
İndi isə diqqətinizi layihədə aparılan dəyişikliklərə cəlb etmək istərdim. Azay müəllim konkret olaraq qanun layihəsi ilə bağlı təklif verməmişdi, sülh platforması haqqında fikir söyləmişdi. Qüdrət Həsənquliyev layihənin 6.3-cü maddəsi ilə bağlı məsələ qaldırmışdı. Qüdrət müəllim, Siz təklif edirdiniz ki, “qüvvəyə minmir” yox, “qüvvədən düşür” ifadəsi olmalıdır. Biz bu məsələni araşdırdıq. Nəzərinizə çatdırmaq istəyirəm ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 85.1 maddəsinə görə “qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir” ifadəsi yazılıb. Yəni bu konstitusion terminologiyadır, ona görə də bu cür qalması qəbul edildi.
Yeri gəlmişkən, deyim ki, biz qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə, daha doğrusu, Prezident Administrasiyasının müvafiq şöbəsi ilə bu məsələni bir də müzakirə etdik. Onlar da qanunun müəllifləri kimi mətnin məhz bu cür qalmasını istədilər.
Fəzail müəllim də sülh platforması haqqında danışdı, ona görə onun da konkret təklifi olmadı.
Zahid Oruc layihənin 6.3-cü maddəsində hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının Milli Məclis tərəfindən təsdiq edilməməsi məsələsini ciddi məsələ hesab edir və buna yenidən baxılmasını təklif edir. Zahid müəllim, mən artıq bu suala cavab verdim. Bizim qanun layihəsinin 6.3-cü maddəsində belə yazılıb: “Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikdə qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir”. Yəni bu Prezident Administrasiyasından gələn layihədir və onlar məsələnin belə qalmasını məsləhət bildilər.
Sonra, layihənin 10.1.22-ci maddəsində verilən hərbi senzuranın vacibliyi və düzgünlüyü qeyd edildi. Bu barədə artıq biz qanun layihəsində qeyd aparmışıq.
Üçüncü, Zahid müəllim, layihəyə “dövlətin təhlükəsizliyi üçün rəsmi yaradılmış silahlı qüvvələrdən kənar başqa silahlı qüvvələr qoşula bilməzlər” cümləsinin əlavə edilməsini təklif edir. Zahid müəllim, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına edilən son dəyişikliklərə, 26 sentyabr referendumunun nəticələrinə görə Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarət silahlı qüvvələr yaradır. Göründüyü kimi, Konstitusiya qanununda dövlətin təhlükəsizliyi ilə bağlı kənar silahlı birləşmələrdən bəhs edilmədiyinə görə yaradıla biləcək hər hansı qoşun növü qanunsuz hesab edilir və onun da layihədə öz əksini tapmasına heç bir ehtiyac yoxdur.
Tahir Kərimli layihənin 10.1.25-ci maddəsində qeyd edilən təbii fəlakətlərin və texnogen qəzaların nəticələrini aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi hallarının Konstitusiyanın 112-ci maddəsinə əsasən hərbi vəziyyətə deyil, fövqəladə vəziyyətə aid olduğuna görə layihədən çıxarılmasını təklif edir. Tahir müəllim, burada məsələ nədən ibarətdir? Düzdür, bizim Konstitusiyanın 111-ci maddəsində hərbi vəziyyətdən, 112-ci maddəsində isə fövqəladə vəziyyətdən söhbət gedir. Amma iş burasındadır, 111-ci maddədə göstərilir ki, hərbi vəziyyət Azərbaycanın ayrı-ayrı yerlərində və ya bütün ərazisində elan edilə bilər. Amma hərbi vəziyyət elan olunan yerdə də fövqəladə vəziyyət əmələ gələ bilər. Məsələn, təbii fəlakət, zəlzələ, epizotiya, epidemiya ola bilər. Belə olan halda məcbur olacağıq ki, fövqəladə vəziyyət elan edək. Düzdür, bu, müvəqqəti xarakter daşıyacaq, amma mümkündür. Ona görə də hərbi vəziyyət elan olumuş ərazidə fövqəladə halların yaranmasını nəzərə alıb, orada fövqəladə vəziyyətin elan edilməsi tamamilə mümkündür. Bunun qanunda bu cür qalması artıq qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılaşdırılıb.
Sonra, Konstitusiyanın 111-ci maddəsində müvəqqəti hal nəzərdə tutulmadığına görə layihənin 1-ci maddəsindən “müvəqqəti” sözünün çıxarılmasını təklif edir. Düzdür, Konstitusiyada “müvəqqəti” anlayışı yoxdur, amma fövqəladə vəziyyət və hərbi vəziyyət əbədi ola bilməz. Sözsüz ki, bu, müvəqqəti xarakter daşıyır. Ona görə də müvafiq şöbə ilə razılaşdıq, “müvəqqəti” sözü orada qalmalıdır.
Konstitusiyanın 96-cı maddəsində qanun və ya qərar layihəsini qanunvericilik təşəbbüsü hüququnun subyekti təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. Deyilir ki, burada hərbi vəziyyətlə əlaqədar məsələyə 48 saat müddətində baxılmasına dair müddəa olmadığına görə bu cür məsələlərə hansı müddətdə baxılmasına dair Milli Məclisin Daxili Nizamnaməsində dəyişikliklər etmək lazımdır. Əvvəla, dəyişikliklər etmək lazım deyil, çünki Milli Məclisin Daxili Nizamnaməsində və qanun layihəsində artıq bu var. 24 saat ərzində cənab Prezident bu fərmanı Milli Məclisə təqdim edir. 48 saat ərzində Milli Məclis həmin fərmanı ya təsdiq etməlidir, ya da etməməlidir. Yəni bu, 1 saat içində də, 2 saat içində də, 48 saat içində də ola bilər. O artıq müzakirələrin gedişindən, deputatların münasibətindən asılıdır. Burada mən Konstitusiyaya zidd bir hərəkət görmürəm.
Siyavuş müəllim hərbi səfərbərlik məsələsinə toxundu və qeyd etdi ki, bu sahəyə daha çox diqqət vermək lazımdır. Siyavuş müəllim, tamamilə düz deyirsiniz. Bu, artıq nəzərə alınıb, burada var.
İkinci, cəbhə boyu zonalarda ehtiyatda olan hərbi kadrlardan istifadə olunması məsələsini Müdafiə Nazirliyi ilə araşdırdıq. Bu, başqa qanunun predmetidir və onlar artıq bu məsələnin nizama salınması üçün qanun layihəsi hazırlayırlar. Yəqin ki, yaxın vaxtlarda cənab Prezidentə təqdim olunacaq və sonra biz onu müzakirə edəcəyik.
Səfərbərlik təlimlərinin keçirilməsi məsələsi də artıq Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Hərbi vəziyyət şəraitində hərbi senzuranın gücləndirilməsi məsələsini də mən artıq qeyd etdim, o, qanun layihəsində öz əksini tapıb.
Sahib Alıyev qeyd etdi ki, qanun layihəsində sosial şəbəkənin, medianın iş prinsipinin tənzimlənməsi məsələsi öz əksini tapmalıdır. Sahib müəllim, o məsələlərin hamısı burada göstərilibdir. Mən keçən dəfə sizə cənab Prezidentin 2014-cü il 24 sentyabr tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamı ilə bağlı məlumat vermişdim. O sərəncama müvafiq olaraq burada da həmin məsələlər öz əksini tapıb.
Nəhayət, təklif edildi ki, 1.0.5-ci maddədə qeyd edilən “internə edilmə” ifadəsi “təcrid edilmə” və ya “nəzarət altında məcburi saxlanma” sözləri ilə əvəz edilsin. “İnternə edilmə” ifadəsi ilə bağlı, sözün doğrusu, bir neçə ensiklopediyaya baxdıq. Mən özüm də şəxsən baxdım, mənası “təcrid etmə” deməkdir. Sahib müəllim, biz bunu müvafiq şöbə ilə də məsləhətləşdik, müzakirə etdik, amma iş burasındadır ki, bizim bəzi qanunvericilik aktlarında “internə” sözü artıq işlənib. İndi bir qanunda “təcrid etmə”, digər qanunda “internə” yazsaq doğru olmaz. Ona görə də qanunvericilik texnikası terminologiyaya uyğunluq baxımından qərara alındı ki, “internə” sözü qalsın. Əslində, düz deyirsiniz, Azərbaycan dilində bu sözün alternativi var, biz onu əvəz edə bilərdik. Sadəcə olaraq, yenə deyirəm, başqa qanunvericilik aktlarında bu ifadə işləndiyinə görə biz məcbur olduq ki, onu saxlayaq. Deyilən təkliflər bu qədər idi, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, qanun layihəsinin ikinci oxunuşudur, ona görə bunu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Təklif oldu ki, çıxışları 5 dəqiqə edək. Etiraz edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bunu zəruri qanunlardan hesab edirəm və ona görə konkret maddələr üzrə fikrimi söyləmək istəyirəm. 1.0.4-cü maddə komendant saatı ilə bağlıdır. Ümumiyyətlə, mən qanunvericilik texnikası baxımından burada mötərizələrin həddindən artıq çox işləndiyi və bunun qanunun ümumi texnikasına uyğun olmadığı düşüncəsindəyəm. Məsələn, komendant saatı ilə bağlı yazırıq: “...yaxud iş yerindən kənarda olmanı (hərəkət etməni)...” “Kənarda olma” ilə “hərəkət etmə” bir-birini tamamlayan ifadələr deyil. Məncə, burada daha yaxşı olar, mötərizə, ümumiyyətlə, yığışdırılır və qeyd edilir ki, kənarda olmanı və ya hərəkət və hərəkətsizlik qaydalarını tənzimləmək üçün günün müəyyən edilmiş vaxtı.
İkinci, maddə 3-də cümlənin sonu anlaşılmır: “...bütün idarə, müəssisə və təşkilatların”. Təklif edirəm ki, belə yazılsın: “öz üzərinə düşən vəzifələri maneəsiz yerinə yetirməsi üçün zəruri şəraitin yaradılmasıdır”. O, daha dolğun ifadə edir.
4.0.1-ci maddədə yazılır ki, Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə. Virtual işğal da ola bilir? İşğal işğaldır da, bunun “faktiki işğal”la ifadə etməyin nə mənası var? Konkret işğaldan söhbət gedir və orada da hərbi vəziyyət elan edilə bilər.
Sonra, 5-ci maddədə qeyd edilib ki, hərbi vəziyyətin elan edilməsi üçün əsas və ya əsaslar. Bu mötərizələr mənim təklifimə görə yığışdırılmalıdır, çünki qanunda mötərizələrdən adətən çox təsadüfi hallarda istifadə edilir.
Ziyafət müəllim 48 saat məsələsinə toxundu. Mən hesab edirəm ki, biz burada bir proseduru unutmuşuq. 63 səs çoxluğu ilə bunu qəbul etmək mümkün olmadı, ölkədə də işğal faktı baş verdi. Hərbi vəziyyət elan edilməlidir. Ona görə də burada, heç olmasa, ən son halda iştirak edənlərin səs çoxluğu kimi bir hal düşünülməlidir. Bəlkə tətildir, filandır, deputatların 50 nəfəri yığıldı. Bunun uyğun bir variantını tapmaq lazımdır ki, bu, qəbul oluna bilsin. Yəni təcili hərbi vəziyyətin elan edilməsindən söhbət gedir.
8.3-cü maddədə qeyd edilir ki, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi bu qanunun 6-cı maddəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir. Burada da Milli Məclisin proseduru xatırlanmalıdır. Yəni ləğv etmədə bu prosedur necə olacaqdır? Birincidə, qəbuletmədə prosedur yazmışıq, ləğvetmədə də o prosedurun hansı isə formada xatırlanması lazımdır. Yəni hansı müddətdə, neçə səs çoxluğu ilə – bu, öz həllini tapmalıdır.
10.1.6-cı maddədə yazılıb ki, hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına mane olan siyasi partiyaların. Məncə, burada dəqiqləşdirmə aparmaq lazımdır. Mərkəzdə oturan siyasi partiya mane olursa, Konstitusiyaya zidd hərəkət edirsə, Ədliyyə Nazirliyi bunu istənilən vaxt edə bilər. Hərbi vəziyyətin tətbiq olunduğu ərazilərdə belə hallar varsa, partiyaların yerli təşkilatının və başqalarının qadağan olunmasından söhbət gedə bilər. Bütün respublika üzrə bunu qadağan etmək, açığı, məhkəmə qərarı ilə olmalıdır. Məhkəməyə təcili müraciət edib bunu həll etmək üçün bir müddət keçməlidir və özünü müdafiə hüququ burada istisna olacaqdır. Bu da müəyyən mənada partiyaların, siyasi QHT-lərin hüquqlarının pozulmasıdır.
Ziyafət müəllim, “internə” sözü ilə bağlı Sizin fikrinizlə razı deyiləm. Bizdə yas məclislərində saatlarla ərəbcə oxuyurlar. Hamı da gözləyir ki, qurtarsın. Biz başa düşmürük, internə nə deməkdir? Azərbaycan hüquq terminologiyasında bu söz yoxdur. Yəni “təcrid olunma”dırsa, onu saxlayaq. Orada bir təxliyyə ilə bağlı da söz var, o da anlaşılmır. Yəni hüquq dili anlaşılan olmalıdır ki, qanunvericilikdə əksini tapsın. İşlənibsə, deməli, səhv olub. Bizim bunu burada düzəltməyimiz vacibdir.
Kütləvi informasiya vasitələrinin materiallarının hərbi senzuradan keçirilməsi məsələsinə də toxunmaq istərdim. Məncə, bunu da hərbi vəziyyət rejiminin tətbiq olunduğu əraziyə aid etmək daha məqsədəuyğundur. Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə 3 ay müddətində referendum, seçkilər və ya rəy sorğusu təyin edilə və keçirilə bilməz. Məncə, burada istisna hal kimi Milli Məclisə müəyyən səlahiyyət vermək lazımdır. Bəlkə 10 il müharibə gedəcək, orada hərbi vəziyyət olacaq. Bu hansısa formada keçirilməyəcək? Məncə, burada bir istisna qayda nəzərdə tutulmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Ziyafət müəllim keçən dəfə təkliflərimə qiymət verdiyi üçün o məsələlərə qayıtmıram, ancaq qanun layihəsinin 4-cü maddəsi ilə bağlı bir təklifim var. Birincisi, burada yazılıb ki, hərbi vəziyyətin elan olunmasına aşağıdakılar əsas ola bilər. Belə çıxır ki, əsas olmaya da bilər. Halbuki Konstitusiyanın özündə birbaşa göstərir ki, Azərbaycan Respublikasının Prezidenti elan edir. Yəni “ola bilər” doğru deyil, onun imperativliyinə xələl gəlir. Yazılmalıdır ki, aşağıdakılar əsasdır.
4.0.1-ci maddədə yazılıb ki, Azərbaycan Respublikasının ərazisinin müəyyən hissəs faktiki işğal edildikdə. Mənim bu maddəyə təklifim var. Bu da ondan ibarətdir ki, bura belə bir cümlə əlavə olunmalıdır: “Azərbaycan Respublikasının Milli Məclis danışıqlar yolu ilə, diplomatik yolla 1 il müddətində işğalın nəticəsinin aradan qaldırılmasının mümkün olmadığı haqqında qərar qəbul etdikdə”. Nəyə görə Milli Məclis? Çünki mən düşünürəm, Milli Məclis Prezidentlə səlahiyyəti, məsuliyyəti bölüşdürməlidir. Sonradan deyil, əvvəldən belə bir qənaətə gəlməlidir. Nəyə görə 1 il? Ona görə ki, məhz ATƏT-in Minsk qrupuna 1 il vaxt verilmişdi ki, işğalın nəticələrini aradan qaldırması üçün müşavirə keçirilsin.
Nə üçün hərbi vəziyyət elan olunmalıdır? İstəyirəm, bu məsələyə bir qədər geniş toxunaq. Biz bilirik ki, ərazimiz, doğrudan da, işğal olunub. Martın 2-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının üzv olmasının 25 illiyini qeyd edəcəyik. Azərbaycan Respublikası BMT-yə Dağlıq Qarabağla birlikdə qəbul olunub. Bütün beynəlxalq təşkilatlar da bu cür qərar verib.
İkincisi, Birləşmiş Millətlər Təşkilatının təcavüzkarın tanınması və təcavüzkar anlayış haqqında qərarlarına əsasən Ermənistan təcavüzkardır və BMT-nin Nizamnaməsinin 39, 41, 43 və 51, 53-cü maddələrinə əsasən BMT sanksiya tətbiq etməlidir. Eləmirsə, o, başqa bir məsələdir. Bir başqa məsələ də var ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq erməni qüvvələrinin, – düzdür, Ermənistan olmasa da, – oradan çıxması haqqında qərar verib. Dünyada Ermənistandan başqa heç bir dövlət Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına almayıb. Hamısı Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Dünyanın heç bir dövləti qondarma Dağlıq Qarabağ Respublikasını ərazimizdə tanımır. Deməli, bayaq da dedik, Azərbaycan Respublikasının Konstitusiyasına və qeyd etdiyimiz qanunlara əsasən Ermənistan təcavüzkardır. Faktiki olaraq bu qanunda göstərildiyi kimi, ərazimizi işğal edib və bu işğal aradan qaldırılmalıdır.
Həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də beynəlxalq hüquqa görə, hətta ən qatı düşmən belə deyə bilməz ki, Ermənistan təcavüzkar, hərbi cinayətkar deyil, torpağımızı işğal etməyib. Heç bir qüvvə deyə bilməz ki, Dağlıq Qarabağ Respublikası qanunidir və onun qəbul etdiyi hər hansı bir qərar hüquqi qüvvəyə malikdir.
Deməli, nə etmək lazımdır? Azərbaycan Respublikası bu qanundan istifadə edərək təklif etdiyim kimi, hərbi vəziyyət elan edib öz ərazisindən ya separatçıları və işğalçı qoşunlarını çıxarmalı, ya da çıxmağa məcbur etməlidir. Əgər bu mümkün deyilsə, beynəlxalq hüquqa uyğun olaraq öz torpağında separatçıları məhv etməlidir.
Mən çox təəssüf edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlər Ermənistanın hərbi cinayətinə şərikdirlər, ortaqdırlar və sadəcə, bəyanat verirlər. Əvəzində isə bizim torpaq bütövlüyümüzü əbədi atəşkəslə işğal altında saxlayırlar. Hərbi vəziyyət haqqında dediyim dəyişiklik ona görə mühümdür ki, 1 il müddətində biz müəyyən bir qənaətə gəlsək, bunu dərhal həyata keçirə bilək.
Bir məsələni demək istəyirəm, qoy bilsinlər. Üzr istəyirəm, ola bilsin, bu, siyasidir. Deyirlər ki, Dağlıq Qarabağ Respublikası öz müqəddəratını həll edir, öz daxili torpağındadır. Onda bizi də tarixi torpağımız olan İrəvanda ikinci Azərbaycan dövləti quraq. Bizi məhv edə, işğal edə bilərlər, amma heç vaxt qəlbimizdən İrəvanı, Borçalını, Dərbəndi çıxara bilməzlər. Bunu hər kəs bilir. Böyük dövlətlər tərəfindən Azərbaycana nə qədər böyük təsirlər olsa da, biz bu problemi həll etməliyik, gələcək nəsillərə saxlamamalıyıq. Sağ olun.
Sədrlik edən. Ziyafət müəllim, buyurun, cavab verin.
Z.Əsgərov. Möhtərəm cənab Sədr, hörmətli deputatlar! Yadımdan çıxmasın deyə suallara birbaşa cavab vermək istəyirəm. Fazil müəllim 7–8 dənə sual verdi. Komendant saatı ilə bağlı sual oldu. Fazil müəllim, əvvəla, yadınıza salmaq istəyirəm ki, inzibati qanunvericilikdən bilirsiniz, hərbi vəziyyət xüsusi hüquqi rejimdir. Xüsusi hüquqi rejimin anlayışını sizə oxuyuram: “Xüsusi inzibati hüquqi rejimlər cəmiyyətin və dövlət həyatının ayrı-ayrı sahələrində baş vermiş normal vəziyyətdən kənara çıxmalar zamanı fövqəladə və hərbi vəziyyət hallarında onların nəticələrinin aradan qaldırılması, normal idarəetmə fəaliyyətinin bərpasının təmin edilməsi məqsədi ilə icra hakimiyyəti orqanları tərəfindən tətbiq edilən məcburedici, məhdudlaşdırıcı və qadağanedici xarakterli müvəqqəti qaydalar və təşkilatı hüquqi tədbirlər sistemidir”.
Siz burada “kənarda olma” və “hərəkət etmə” ilə bağlı məsələ qaldırdınız. Bəli, hərbi vəziyyət elan olmuş yer, ola bilsin, elə bir yerdir ki, həmin hərbi vəziyyətin elan olduğu yerdən kənarda olmaq da olar və hərbi vəziyyətin elan olduğu yerə getmək məsələsi də meydana çıxa bilər. Ona görə də komendantın statusu ondan ibarət olmalıdır ki, müəyyən halda kənarda olmanı nəzərə almalı, digər halda hərəkət etməni məhdudlaşdırmalıdır. Söhbət bundan gedir. Yəni xüsusi hüquqi rejim olduğuna görə, yenə deyirəm, komendantın statusu bundan ibarətdir. Ona görə mötərizədə “hərəkət etmə” yazılıb. Yəni həmin zonaya hərbi vəziyyət elan olunmuş yerə hərəkət etmənin məhdudlaşdırılmasından söhbət gedir.
Sonra, deyirsiniz ki, faktiki işğal nədir? İşğal elə işğaldır da. Fazil müəllim, Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsini oxuyuram: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda...”. Bax da, başın qarışıb bədii ədəbiyyata, hüquq yaddan çıxıb.
Burada Fazil müəllim “əsas” və “əsaslar”la bağlı danışdı. Bəli, mötərizədə “əsaslar” yazılmalıdır. Niyə? Çünk hərbi vəziyyətin elan olunmasının bir əsası da ola bilər, əsasları da ola bilər. Bizim Konstitusiyada 4 əsas göstərilib. Bunun hər biri hərbi vəziyyətin elan olması üçün əsas ola bilər. Hamısı da, 3-ü də, 2-si ola bilər. Fikrimi tuta bildin?
8.3.6-cı maddə ilə bağlı suala mən artıq cavab verdim. Partiyalarla bağlı fikir səsləndi. Bilirsiniz, burada nədən söhbət gedir? Əgər bütün Azərbaycan üzrə hərbi vəziyyət elan olunursa, partiyaların fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedir. Burada dəqiq qeyd olunub. Üzr istəyirəm, dəqiq oxusanız, görərsiniz ki, qanun layihəsində hər şey yerindədir. Ona görə, xahiş edirəm, qarışdırmayın.
Tahir müəllim 4-cü maddədəki “əsas ola bilər” ifadəsini qeyd etdi. Tahir müəllim, bilirsiniz niyə belə yazılıb? Bunu ona görə belə yazıblar ki, yalnız bu 4 məsələ əsas ola bilər, başqa məsələ əsas ola bilməz. Yəni Konstitusiyanın 111-ci maddəsində göstərilmiş 4 əsasa görə hərbi vəziyyət elan olunur. Ona görə ki, 5-ci əsas yoxdur.
Sizin qaldırdığınız 1 illik məsələyə gəldikdə isə deyim ki, o, artıq siyasi məsələdir. Mən dedim, bu, qanunun predmetinə aid olan məsələ deyil. Ona görə bağışlayın, o sualı cavabsız qoyuram. Bu qədər, sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli Ziyafət müəllim, təşəkkür edirəm, kifayət qədər qısa və ətraflı danışdınız. Mənim təklifimə də diqqətlə yanaşmısınız və qanunu təqdim edən subyektlə müzakirə də aparmısınız.
Mən yenə də öz fikrimdə qalıram və hesab edirəm ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 85-ci maddəsində qeyd olunur ki, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Dərcolunma da o deməkdir ki, bunu 1 gün ərzində də dərc etmək olar. Vacib deyil ki, fərman bu gün verilibsə, sabah qəzetlərdə dərc olunsun.
Ziyafət müəllim, mən niyə bir daha bu məsələnin üzərinə qayıdıram? Keçən dəfə də söylədim, hətta dünyanın super, nüvə silahına malik olan dövlətləri hərbi doktrinalarında nüvə silahını, önləyici addım kimi tətbiq edə bilərlər. Müvafiq qanunverici aktlarında bu, nəzərdə tutulub. Mən keçən dəfə də söylədim, ölkənin şimal və cənub sərhədlərindən paytaxta texnika ilə 2–3 saata gəlmək mümkündür.
Bizim Konstitusiyanın 121-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəs yarandıqda biz hətta hərbi vəziyyət elan edə bilərik. Qaldı ki, indi real hücum baş verib. Prezident addım atmalı, silahlı qüvvələrdən istifadə etməli, ölkənin müdafiəsini təşkil etməli və Azərbaycan xalqını qorumalıdır. Bu 24 saat ərzində fərmanı Milli Məclisə göndərir və Milli Məclis də 48 saat ərzində buna baxır. Hesab edirəm ki, bu, doğru deyil. Bizim ərazimiz balacadır. Ona görə də Ali Baş Komandanın elə bir səlahiyyəti olmalıdır ki, o fərman imzalandığı andan qüvvəyə minsin. Milli Məclis təsdiq etmədikdə həmin fərman qüvvədən düşmüş sayılır. Mən keçən dəfə də təklif etmişdim ki, dərhal Ali Baş Komandanın silahlı qüvvələrdən istifadə etmək imkanı olsun.
Hətta mən qardaş Türkiyədə baş vermiş hərbi çevrilişi misal çəkdim. Məsələn, iyulun 15-də orada silahlı qiyam cəhdi olanda Türkiyə Böyük Millət Məclisini toplamaq imkanı olmadı. Ona görə ki, Türkiyə Böyük Millət Məclisinin binasına aviasiya ilə zərbələr endirmişdilər. Düşünürəm ki, ölkədə silahlı qiyam, yaxud ölkəyə real silahlı hücum baş verərsə, o halda Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandan kimi silahlı qüvvələrin bu və ya digər hərbi birləşmələrindən istifadə etmək səlahiyyəti olmalıdır. Yəni fərman imzalandığı andan dərhal qüvvəyə minir. Amma Milli Məclis təsdiq etmirsə, o, artıq qüvvədən düşmüş sayılır. Yəni biz bunu bura yaza bilərik.
Konstitusiya da bunu qadağan etmir. Konstitusiyanın 111-ci maddəsində qeyd olunur ki, Prezident hərbi vəziyyəti elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. Milli Məclis təsdiq etmirsə, deməli, qüvvədən düşmüş sayılır. Amma hesab edirəm ki, o müddət ərzində silahlı qüvvələrdən istifadə etmək imkanı olmalıdır. Tutaq ki, biz bu məsələyə baxırıq. Bəlkə 24 saata qədər qiyam qaldırmış silahlı qüvvə gəlib elə Milli Məclisi də, Prezident Administrasiyasını da tutacaq? Biz səlahiyyəti verməyənə qədər belə çıxır ki, Ali Baş Komandan silahlı qüvvələrin digər strukturlarından istifadə edə bilməyəcək. Həm qardaş Türkiyədə baş verən hadisələr, həm də ölkə ərazisinin balaca olması bunu göstərir.
Sonda, bir daha vurğulayıram ki, böyük dövlətlər nüvə silahını hətta parlamentlərinin icazəsi olmadan tətbiq edə bilirsə, amma biz silahlı qüvvələrdən istifadə etmək səlahiyyətini vermiriksə, hesab edirəm, bu, düzgün deyil. Ziyafət müəllim, mənim qənaətimə görə Konstitusiya da bunu qadağan etmir. Bağışlayın ki, ikinci dəfə bu məsələyə qayıtdım. Amma bu mənim qəti fikrimdir. Bu, xalqımızın, dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələ olduğu üçün onun üzərinə bir daha qayıtdım. Sağ olun.
Sədrlik edən. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Qüdrət müəllim, məcburam, sizin qaldırdığınız bu məsələyə bir daha münasibət bildirəm. Mən dedim, bizim Konstitusiyanın 111-ci maddəsində göstərilib ki, cənab Prezidentin fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verilir. Əgər təsdiq olunmursa, həmin fərman qüvvədən düşür. Siz keçən dəfə bu məsələni birinci oxunuşda qaldırandan sonra biz bunu Prezident Administrasiyası ilə müzakirə etdik. Dedilər ki, bəli, əgər 24 saat ərzində həmin fərman təsdiq olunmursa, fərman qüvvədən düşür. Yəni bu layihəni bizə göndərən administrasiyadan söhbət gedir. Bu, məsələnin birinci tərəfi.
İkincisi, siz burada məsələ qaldırırsınız ki, bizim ölkə balacadır, bizə hücum olanda Prezidentin imkanı olmalıdır, bu təsdiq olunacaqmı və sair. Bu təsdiq olunsa da, olunmasa da məgər Prezidentin imkanı yoxdur? Lələtəpədə ermənilər təxribat törədəndə məgər biz hərbi vəziyyət elan etmişdik? Bu təsdiq olundu, olunmadı Prezident Ali Baş komandan kimi öz işini görür. Düşmənə cavab verilir, silahlı qüvvələr də döyüşür, vuruşur. Biz bunu xüsus hüquqi rejim kimi tətbiq edirik ki, dövlət orqanları normal fəaliyyət göstərsin, ay qardaş. Bu, tamamilə başqa məsələdir. Prezidentin imkanını heç kim əlindən almır, o öz işini görür. Sadəcə, biz bunu xüsusi hüquqi rejim kimi qaydaya qoyuruq. Əgər bizə hücum varsa, Qüdrət müəllim, Prezident Ali Baş Komandan kimi göstəriş verir, ordu da, silahlı qüvvələr də öz işini görür. Bunun üçün hərbi vəziyyətin elan olunub-olunmamasına ehtiyac yoxdur. Deyə bildim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Axır ki, qəbul etdi. Elman Nəsirov.
E.Nəsirov. Möhtərəm Sədr, hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Bəli, bu gün hər birimiz onun fərqindəyik ki, çox mühüm, mən deyərdim, tarixi əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik. Müasir Azərbaycan dövlətçiliyi tarixində ilk dəfədir ki, Hərbi vəziyyət haqqında qanun layihəsi müzakirə edilir. Bu qanun, hesab edirəm ki, təkcə hərbi baxımdan deyil, həm də siyasi, iqtisadi, inzibati və digər parametrləri üzrə olduqca mühüm sənəddir. Mənim qənaətimə görə biz son 10 ay ərzində hərbi sahədə 2 mühüm qələbə qazanmışıq. Bunlar aprel döyüşləri və Cocuq Mərcanlı kəndinə qayıdışdır.
Eyni zamanda, diplomatik sahədə də 2 mühüm qələbəmiz olub. 40 gün ərzində əsgərimiz Çingiz Qurbanovun nəşini almağa imkan verilmirdi. Onun geri qaytarılması üçün cənab Prezident bütün beynəlxalq təşkilatları ayağa qaldırdı və buna nail oldu. Bu bizim mühüm diplomatik qələbəmizdir. Aleksandr Lapşinin ölkəmizə gətirilməsi də növbəti diplomatik qələbəmizdir. Hesab edirəm ki, ikinci oxunuşda müzakirə etdiyimiz Hərbi vəziyyət haqqında qanun layihəsi həm hərbi, həm də diplomatik sahələrdə qazandığımız nailiyyətlərin hüquqi bazasını gücləndirən və növbəti qələbələrimiz üçün əsas yaradan çox mühüm sənəddir.
Hörmətli Ziyafət müəllim, Siz o qeydlərə çox dəqiq, dürüst cavablar verdiniz. Tam səmimi deyirəm ki, hətta bununla bağlı məsuliyyətimiz bir az da artdı. Amma mən bir qeydimi demək istəyirəm. 1-ci maddədə yazılır ki, hərbi vəziyyət müvəqqəti xarakterlidir və siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlərin tətbiqini nəzərdə tutur. Adından da göründüyü kimi bu, Hərbi vəziyyət haqqında qanun layihəsidir. Belə olan halda mənə elə gəlir ki, “hərbi” sözünü önə keçirmək lazımdır. Hərbi, sonra siyasi, iqtisadi, inzibati və digər tədbirlər. bunu qeyd etmək istərdim. Təşəkkür edirəm.
Sədrlik edən. Əflatun Amaşov.
Ə.Amaşov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar, əziz media nümayəndələri! Hərbi vəziyyət haqqında qanun layihəsi aktualdır, ilkdir. Sənəd beynəlxalq təcrübəyə əsaslanır. Hiss olunur ki, üzərində kifayət qədər işlənilib. Dili də sadə və anlaşıqlıdır.
Ölkəmiz müharibə şəraitindədir, hər an hərbi əməliyyatlar aktivləşə bilər. Müharibə şəraitində hüquq və vəzifələri müəyyənləşdirən belə bir qanunun olması son dərəcə vacibdir.
Layihə ilə bağlı toxunmaq istədiyim iki məsələ var. Deyəcəklərim 1-ci və 10-cu maddələrlə bağlı olduğundan fikirlərimi bir yerdə ifadə etmək istərdim. İlk növbədə, “hərbi senzura” anlayışı üzərində dayanıram. Bildiyimiz kimi, Azərbaycanda tarix boyu, yəni ilk qəzetimiz olan “Əkinçi” nəşrə başladığı dövrdən senzura mövcud olub. Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə hər cür senzura qadağan edilib. Həmin fərmanın imzalanması son dərəcə qətiyyətli və prinsipial addım idi. Senzuranın olmaması həm də ölkə üçün beynəlxalq nüfuz məsələsidir. Ulu öndər bunu da nəzərə almışdı. Ona görə də biz bu gün yalnız ifadə baxımından olsa da, məsələyə həssas yanaşmalıyıq.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 7-ci maddəsində də senzuranın yolverilməzliyi birmənalı şəkildə diqqətə çatdırılır. Qanunda o da bildirilir ki, KİV-lərin hüquqları qanunvericilikdə göstərilən hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Hərbi vəziyyət haqqında qanun layihəsində isə məhz qanunvericilikdə göstərilən istisna hallar nəzərə alınıb. Bu, son dərəcə vacib məqamdır. Yəni qanunun rolu, əslində, həmin istisnaları müharibə şəraitinə uyğun formada diqqətə çatdırmaqdır. Bu hal 10-cu maddə ilə bağlıdır. Hərbi münaqişələr dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətində müəyyən məhdudlaşmaların olması labüddür. Bu, heç də söz və ifadə azadlığının pozulması deyildir. Dünyanın bir çox demokratik ölkələrində daha ciddi məhdudlaşmalar tətbiq olunur. Ancaq “senzura” ifadəsi işlədilmir.
Doğrudan da, son illərdə dünya təcrübəsində qanunvericilikdə yer alan ifadələrin, terminlərin liberallaşdırılması, kəskinliyinin azalması, yumşalması meylləri hiss olunmaqdadır. Bir müddət bundan əvvəl Avropa mətbuat şuralarının Stokholmda keçirilən illik toplantısında, – mən də o tədbirdə iştirak edirdim, – qərara alındı ki, bu sahədə əməli addımlar atmaq üçün əlaqədar beynəlxalq təşkilatlara, Avropa Şurasının üzvü olan ölkələrə müvafiq tövsiyələr edilsin. “Senzura” ifadəsi də həmin məsələlərin arasında idi.
Əlbəttə, müzakirə etdiyimiz qanun layihəsindəki “hərbi senzura” anlayışının da hərbi vəziyyət baxımından adekvat tədbirləri nəzərdə tutduğunu düşünürəm. Ancaq “senzura” sırf ifadə baxımından qıcıq yaratmazmı? O sözün hər hansı formada qarşılığını tapmaq yaxşı olmazmı? Birinci təklifim ondan ibarətdir ki, “hərbi senzura” anlayışını “hərbi məqsədli məhdudlaşmalar”, yaxud “hərbi məqsədli qadağalar” ifadəsi ilə əvəz edək və orada KİV-lərlə bağlı məqamlar da ehtiva edilsin.
Növbəti təklifim 10-cu maddə ilə bağlıdır. Layihənin bu maddəsində KİV-lərin fəaliyyətinin tənzimlənməsi məsələsinə ümumi yanaşılır. Halbuki məhkəmələrin, ombudsmanın və prokurorluq orqanlarının fəaliyyətlərinin tənzimlənməsi ayrıca maddələrdə əksini tapır. Təklifim budur ki, KİV-lərlə bağlı da eyni mexanizm seçilsin. Yəni KİV-lərin fəaliyyətinin tənzimlənməsi ayrıca maddədə göstərilsin. Buna ehtiyac var. Əvvəla, media sahəsi kifayət qədər spesifik və dinamikdir, qanun buna adekvat olmalıdır. Həm də söhbət KİV-lərin fəaliyyətinin hansısa formada məhdudlaşdırılmasından gedirsə, məsələ qanunda ciddi şəkildə əsaslandırılmalıdır. Deyəcəklərim bu qədər, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun. Hörmətli Sədr, hörməli millət vəkilləri! 20 faiz torpağı işğal altında olan və hərbi əməliyyatların müvəqqəti dayandırıldığı bir ölkə üçün Hərbi vəziyyət haqqında qanunun əhəmiyyəti çox böyükdür. Mən Elman müəllimlə tamamilə razıyam ki, bu, tarixi bir sənəddir. Qanun layihəsində hərbi vəziyyətin elan edilməsinin əsasları, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər, silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələrin tətbiqi, hərbi idarəetmə orqanlarının vəzifələri, səlahiyyətləri və sair kimi mühüm müddəalar öz əksini tapır. Mən qanun layihəsini dəyərləndirirəm və əlbəttə ki, ona səs verəcəyəm.
Bununla belə qanun layihəsinin bir maddəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. 10.1.6-cı maddədə qeyd olunur: “Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması”. Əvvəla, hesab edirəm ki, “mane olan” ifadəsi bir qədər subyektivdir. Kiminsə təsəvvüründə bu və ya digər addım ümumi işimizə maneə kimi qiymətləndirilə bilər. Başqası isə hesab edər ki, bu addım xeyirli və hətta zəruridir. Ona görə mən “mane olan” ifadəsinin daha konkret və hüquqi cəhətdən daha dəqiq olan başqa bir ifadə ilə əvəzlənməsini xahiş edirəm. Çünki bu, suallar doğuracaq.
Ümumiyyətlə isə hesab edirəm ki, hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olub-olmamasından asılı olmayaraq hərbi vəziyyətin elan edilməsindən onun ləğv edilməsinədək olan müddətdə bütün siyasi partiyaların fəaliyyətinin dayandırılması məqsədəmüvafiq olardı. Mənim qənaətimcə, hərbi vəziyyətlə siyasi fəaliyyət bir-birinə uyğun gəlməyən anlayışlardır. Çünki həmin müddət ərzində siyasi baxışından, iradəsindən, mövqeyindən asılı olmayaraq hər kəs bir rəhbərə tabe olmalıdır, o da Ali Baş Komandandır. Ona görə, təklif edirəm ki, qanuna hərbi vəziyyət dövründə siyasi partiyaların fəaliyyətinin müvəqqəti dayandırılması haqqında ayrıca bənd əlavə edilsin. Xahiş edirəm, təklifimi nəzərdən keçirəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, əvvəl dediniz ki, subyektiv sayırsınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Obyektiv nə təklif edirsən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, düzgün olmadı. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, mən, ümumiyyətlə, Azərbaycanın həm siyasi, həm daxili, həm də beynəlxalq səviyyədə uğurlarının həyata keçdiyi bir şəraitdə belə bir qanunun qəbul edilməsini təqdirəlayiq hesab edirəm. Amma Ziyafət müəllim bizimlə razılaşsa, bəlkə burada bəzi məsələlər başqa cür səsləndirilə bilər. Amma biz bu qanunu cəmiyyət üçün qəbul edirik, cəmiyyət bunu oxumalıdır. Ziyafət müəllim, mən Sizin savadınıza da, intellektinizə də şübhə ilə yanaşmıram. Amma “hərbi vəziyyət” burada daha aydın yazılsa, daha yaxşı olar.
Ümumiyyətlə, Siz də cavabınızda qeyd etdiniz, Heydər Əliyevin dövründən, Lissabon Sammitindən üzü bəri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparılır. Böyük siyasətin uğurları get-gedə müqəddəs məqsədə çevrilir. Ona görə də insanların bu istiqamətdə ruh yüksəkliyi də artır. Mən Prezidentimizin xidmətlərindən, Ramil Səfərovun gətirilməs və sairdən danışmıram. Siz də bu günlərdə televiziyada Lapşinin gətirilməsi barədə bir açıqlama verdiniz. Hər hansı bir ölkənin Prezidenti öz əsgərini Azərbaycan Respublikasının Prezidentinin istədiyi qədər istəmir. Bu, aydın məsələdir. Bir də qanunun dili bir balaca yumşaldılsa, başa düşülən şəkildə verilsə, daha yaxşı olar.
Milli Məclisin rəhbərliyi də çox gözəl bilir, dəfələrlə biz Murovdağdan üzü bəri bir tərəfi Qazax, bir tərəfi Horadiz olmaqla cəbhə bölgələrində olarkən hiss eləmişik ki, insanlar qorxu içərisində yaşayırlar. Oradan içəriyə doğru 50–80 km məsafədəki ərazilərə heç bir sahibkar vəsait qoymur. Bunun da, əlbəttə, əsası var. Kartof əkilməyən yerdə kartof anbarı tikməyin nə mənası var? Əlbəttə, bunların hamısı aydın məsələlərdir.
Amma Ziyafət müəllim, istərdim, nəzərə alasınız ki, mən bu qanunun tərəfdarıyam. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən belə bir qanunun qəbul edilməsi olduqca təqdirəlayiqdir. Mən bu qanuna səs verəcəyəm, amma bunun dilinin təkmilləşdirilməsi üçün cəhd göstərilsə, yaxşı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hesab edirəm ki, qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb. Həm birinci oxunuşda, həm də ikinci oxunuşda səslənən təkliflərin də mahiyyətinə baxsaq, görərik ki, doğrudan da, təkliflər birbaşa mahiyyəti üzrə səsləndirilib. Bu o deməkdir ki, doğrudan da, işçi qrupu bu qanun layihəsinin üzərində kifayət qədər işləyib. Ziyafət müəllim, Sizə də təşəkkür edirəm ki, deputatların təklif və rəylərinin əksəriyyəti nəzərə alınıb.
Mən çox qısa şəkildə bir-iki təklif verəcəyəm. Birinci təklifim “Əsas anlayışlar”la bağlıdır. 1.0.1-ci maddədə yazırıq ki, hərbi vəziyyət –Azərbaycan Respublikasının Konstitusiyasına və bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər... Bir halda ki biz bu qanunu xüsusi, özü də sərt qaydalar müəyyənləşdirmək üçün qəbul edirik, onda bəlkə “hərbi” sözündən sonra “informasiya yayımı normaları” ifadəsini də bura əlavə edək. Çünki digər maddələrdə biz informasiya yayımı ilə bağlı xüsusi qaydalar müəyyənləşdiririk. “Hərbi vəziyyət” anlayışında da bu fikir öz əksini tapsa, bütövlükdə nəzərdə tutulmuş bütün sahələri tam şəkildə əhatə etmiş olarıq.
İkinci təklifim 10.1.20-ci maddə ilə əlaqədardır. Burada yazılır: “Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, həmin şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması”. Burada “həmin şəxslərin” ifadəsinə qədər olan fikir kifayət qədər əsaslıdır. Amma bir az qaranlıq qalır ki, həmin şəxslər kimlərdir? Bəlkə “həmin şəxslərin” yerinə “şübhəli şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması” ifadəsini əlavə edək. Çünki belə çıxır ki, hamısını yoxlayırıq və bunları da tutub saxlayırıq. Kimləri saxlayırıq və hansı əsaslarla? Təbii ki, şübhəli şəxslərdən söhbət gedə bilər. Hər halda, hörmətli Ziyafət müəllim, istərdim ki, buna bir aydınlıq gətirəsiniz.
O ki qaldı həmkarlarım tərəfindən qaldırılan qeyri-hökumət təşkilatları, ictimai birliklər və siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına, deyim ki, burada kifayət qədər əsas var. Düzdür, indi müzakirə də etdik, burada məhkəmə müraciəti əsasında qeyd olunan qurumların fəaliyyətinin dayandırılması məsələsi də qoyula bilər. Burada söhbət bütövlükdə hərbi vəziyyətdən gedirsə, biz bu maddəni olduğu kimi saxlasaq, daha yaxşı olar. Mən bu fikirə xüsusilə ciddi yanaşıram ki, burada hər hansı filialların, yaxud da bölmələrin fəaliyyətindən yox, bütövlükdə hərbi vəziyyətə mane olan hər hansı bir qurumun fəaliyyətindən söhbət getməlidir. Ona görə bu maddəni də haqlı hesab edirəm. Hörmətli Ziyafət müəllim, bu iki məsələ ilə bağlı fikrinizi bilmək bizim üçün maraqlı olardı. Mən bu qanun layihəsinin uğurlu bir addım, qanunvericilikdə olan boşluğun doldurulması istiqamətində Milli Məclisin çox mühüm təşəbbüslərindən biri hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, Ziyafət müəllim ətraflı şəkildə məlumat verdi. Bu, Azərbaycan üçün vacib qanun layihəsidir. Mən də deputat həmkarlarımı dəstəkləyirəm, buna səs verəcəyəm. Amma bir neçə məsələyə toxunmaq istəyirəm. İstənilən hərbi nizamnamənin, hərbi doktrinanın, hərblə bağlı sənədin özünün xüsusi dili və hüquqi terminologiyası var. Bu “Leyli və Məcnun” dastanı deyil ki, götürüb bu başdan o başa yazasan, Füzulinin əsəri kimi oxuyasan. Burada hər bir məsələnin öz yeri var və o, dəqiq göstərilməlidir.
Digər tərəfdən, mən Ziyafət müəllimin iki fikri ilə razılaşmıram. Bu fikirlər hansılardır? Ziyafət müəllim qeyd elədi ki, hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və digərlərinin fəaliyyəti dayandırılmalıdır. Mən hesab edirəm ki, o, mümkün olan məsələ deyil. Tutaq ki, bir ərazidə hərbi vəziyyət elan olunub. Bakıda da həmin partiyanın rəhbərliyi mitinq keçirir. İndi dövlət oradakı hərbi vəziyyətlə bağlı iş aparsın, yoxsa gəlib bunlarla məşğul olsun? O cümlədən hansısa mətbuat orqanının, bir rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Çünki orada gedən məlumatların hamısı respublika əhəmiyyətlidir və respublikanın əsas mətbuat orqanlarında bu getməlidir. Ona görə də bu məsələ kəskin və ciddi şəkildə qoyulmalıdır.
Hərbi vəziyyət adi qayda deyil ki, tutaq ki, biri partiyanı bölə bilmirsə və yaxud partiya arası münasibətlər düzgün deyilsə, qanun pozuntusu varsa, məhkəməyə versin, məhkəmə çəkişmələri uzun müddət çəksin və məhkəmə də uzun çəkişmələrdən sonra bunun fəaliyyətinin dondurulması haqqında qərar qəbul eləsin. Hərbi vəziyyət elan olunan kimi avtomatik olaraq o məsələ dondurulmalıdır və birdəfəlik bitməlidir. Çünki bütün işlər bu istiqamətə yönəlməlidir. Həm də ərazimiz işğal olunduğu üçün bu məsələyə ciddi yanaşılmalıdır.
Qüdrət müəllim də bir məsələ qaldırdı. Azərbaycanın ərazisinin böyüklüyündən, kiçikliyindən söhbət getmir. Ziyafət müəllim, yaxşı bilir, birincisi, beynəlxalq konvensiya var ki, ağır texnika sərhəddən nə qədər aralıda yerləşdirilməlidir. Yəni sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa hərbi qüvvə yerləşdirilə bilməz.
İkinci, hərbi kəşfiyyat var, əkskəşfiyyat var. Elə bu düşdü yolun ortasına və çapa-çapa gəlib, Bakı şəhərinə çıxdı? Müddət məsələsində siz bəzi məsələləri izah elədiniz. Bəli, Ali Baş Komandan öz tapşırıqlarını verir, amma buna qədər də həll olunmalı məsələlər var.
Mənim xatirimdədir, bir neçə il bundan qabaq qonşu dövlətlərdən bir sərhədin 70 kilometrliyinə ağır texnika yığmışdı. Sərhəd qoşunlarının rəhbərliyi dərhal müraciət elədi ki, bu texnikanı nəyə əsasən yığmısan. O da dedi ki, antiterror əməliyyatı keçirirəm. Sübut elədilər ki, antiterror əməliyyatı keçirməyə bu cür texnika ilə deyil, başqa texnika ilə gedirlər. Bu məsələ öz həllini tapıb. Xatirinizdədirsə, II Dünya müharibəsində sovet ordusu bütün təchizatını sərhədə yığdığına görə müharibənin birinci ayında hərbi texnikasının 30 faizini itirdi. Ona görə də bu məsələləri bilənlər danışsa, daha məqsədəuyğun olar. Hesab edirəm ki, çox təqdirəlayiq qanun layihəsidir, səs verək, qəbul eləyək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. O biri həmkarlarımızın xətrinə dəyməsin deyə, Ziyafət müəllim, qalan sualları da cavablandırın, bununla bitirək.
Z.Əsgərov. Çox sağ olun. Mən çalışacağam qısa danışam. Elman Nəsirov məsələ qaldırdı ki, “hərbi” ifadəsi əvvələ keçirilsin. Elman müəllim, onu biz qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə məsləhətləşərik. Güman edirəm ki, burada elə bir problem yoxdur.
Əflatun müəllim təklif etdi ki, “hərbi senzura”, ümumiyyətlə, buradan çıxarılsın. Əflatun müəllim, Konstitusiyanın 111-ci maddəsinə, hərbi vəziyyətə səbəb olan əsaslara görə hərbi senzuranın olması, hesab edirəm ki, mütləqdir. Niyə? Bu qanun layihəsi Prezident Administrasiyasından bizə daxil olanda bir neçə ölkənin, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Çinin, Fransanın qanunlarına baxdıq. Hamısında hərbi senzuradan söhbət gedir. Özü də burada hərbi senzuranın yazılması o demək deyil ki, mətbuatın fəaliyyəti dayandırılır. Siz fikir verin, sadəcə olaraq, verilən məlumatlara nəzarətin həyata keçirilməsi, yəni hərbi və dövlət sirlərini yaymamaq şərti ilə məsələsi var. Çünki hərbi vəziyyət rayonunda jurnalist istədiyini yazsa, bu düz olmaz axı. Bu, dövlət təhlükəsizliyimizə həddindən artıq ziyan vurmuş olar. “Hərbi senzura” bu mənada öz yerindədir.
Sonra, Əflatun müəllim 10-cu maddə ilə əlaqədar fikir söylədi. Düzdür, orada senzuradan söhbət getmir. Mənə elə gəlir, siz onu əksinə təşviq elədiniz. Bu yaxşı haldır.
Elmira xanım 10.1.6-cı maddədəki “mane olan” sözləri ilə bağlı məsələ qaldırdı. Elmira xanım, bilirsiniz burada söhbət nədən gedir? Siyavuş müəllim qeyd elədi. Təsəvvür eləyin, ölkədə və ya hər hansı bölgədə hərbi vəziyyət elan olunub, amma orada mitinq, küçə yürüşü, nümayiş keçirirlər. “Mane olma” budur. Yəni ölkənin ərazisinin faktiki işğal olunmasına baxmayaraq, orada siyasi şuarlar söyləyirlər, siyasi tələblər irəli sürürlər. Dövlət ərazisini işğaldan azad edir, sən burada mitinq edirsən. Yəni bundan söhbət gedir. Başqa hallardan söhbət gedə bilməz.
Xanhüseyn Kazımlı dedi ki, dili yumşaldılsın. Xanhüseyn müəllim, dilini yumşalda bilməyəcəyik, çünki bu, hərbi qanunvericilik aktıdır. Bu gərək elə möhkəm olsun.
Azay müəllim burada şəxslərin yoxlanması, bir də informasiya ilə bağlı məsələlərə toxundu. İnformasiya ilə bağlı məsələyə baxarıq. Şəxslərin yoxlanması nə üçün lazımdır? Mən hesab edirəm ki, əgər hərbi vəziyyət elan olunubsa, hərbi vəziyyət rayonunun komendantı varsa, onun ixtiyarı var ki, şəxsdən şübhələnib-şübhələnməməsindən asılı olmayaraq yaxınlaşsın, sənədləri tələb etsin. Bu, dünyada qəbul olunmuş bir məsələdir. Mənim buna ixtiyarım var. Sənədlərin qaydasındadır, buyurub gedə bilərsən, heç bir problem yoxdur.
Siyavuş müəllim partiyaların fəaliyyətini dayandırmaq barədə danışdı. Siyavuş müəllim, yenə deyirəm, mən elə bir ifadə işlətməmişəm. Sadəcə olaraq, Elmira xanımın dediyi məsələdir. Özünüz də dediniz, yəni müəyyən işlərin görülməsinə mane olan partiyalardan söhbət gedir. Qalan hallarda partiya fəaliyyət göstərir. Heç bir əsas olmadan partiyanın fəaliyyətini kim dayandırır ki? Bu qədər, sağ olun.
Sədrlik edən. Ziyafət müəllim, çox sağ olun, qanunu çox gözəl təqdim elədiniz və bütün suallara da çox lakonik cavab verdiniz. Mən hesab edirəm ki, artıq qanun layihəsini ikinci oxunuşda qəbul eləmək olar.
Bildiyiniz kimi, qanun layihəsi 5 fəsil, 27 maddədən ibarətdir. Təklif edirəm, 1–3-cü, sonra isə 4–5-ci fəsilləri səsə qoyaq.
Xahiş edirəm, 1, 2 və 3-cü fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 4 və 5-ci fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.10 dəq.)
Lehinə 105
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.11 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Mən bir söz deyəcəyəm, amma heç kimin xətrinə dəyməsin. Ziyafət müəllim qanun layihəsini çox yüksək səviyyədə təqdim elədi, suallara da cavab verdi. Ziyafət müəllim, mən görmüşəm ki, digər komitələrdə komitə üzvləri məruzəçiyə dəstək verirlər, amma sizinkilər sual verirlər. Komitədə müzakirə eləməmisiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən hesab edirəm, qanun layihəsi çox yüksək səviyyədə hazırlanıb. Başqa çıxış olmayacaq. Əgər etiraz eləmirsinizsə, qanun layihəsini üçüncü oxunuşda da qəbul edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim, təklifi yazılı şəkildə verərsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, Qüdrət müəllim, çıxış eləmisən, təklifini sonra deyərsən. Səndən başqa 100 nəfər dedi ki, səsə qoyulsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda bu gündən sonra mən də səninlə Daxili Nizamnamə ilə işləyəcəyəm. Buyur, bir dəqiqə vaxt verilir.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Belə çıxdı ki, mənim hüquqdan, qanundan heç bir anlayışım yoxdur. Çox təəssüf ki, deputat həmkarlarım bir-biri ilə münasibətdə bu cür ünsiyyət forması seçirlər. Konstitusiyanın 109-cu maddəsinin 28-ci bəndində yazılıb ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir. Belə çıxır ki, sabah ölkədə qiyam baş versə, silahlı qüvvələrdən istifadə eləmək üçün mütləq Milli Məclisin razılığı lazımdır.
Mən bu məsələnin hüquqi tənzimlənməsi ilə əlaqədar təklif vermişdim, Türkiyəni də misal gətirmişdim. Təkcə xarici ölkədən Azərbaycan ərazisinə hücum olduqda məsələsini deməmişdim. Özü də indi texnikanı göydən paraşütlə atırlar. Yəni o fikir deyil ki, biz biləcəyik, hansısa ölkə qoşun göndərir və sair və ilaxır. Söhbət hüquqi tənzimləmədən gedir. Mən də istəyirdim, sabah bu məsələnin hüquqi mexanizmi olsun. Allah eləməsin ki, Azərbaycanda elə şeylər baş versin, amma olacaqsa, onu tənzimləmənin hüquqi yolu olsun. Mənim təklifim bundan ibarətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Ay Qüdrət müəllim, sən bizi bir az qorxudursan. Göydən paraşütlə tullayanda yerdən Hərbi Hava Qüvvələri ilə vuracaqlar. Heç narahat olma. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.14 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin sonuncu məsələsi Məktəbəqədər təhsil haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyursun İsa Həbibbəyli.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi önəm verdiyi, inkişafına böyük qayğı göstərdiyi məktəbəqədər təhsil sahəsinə aid qanunvericilik prosesi Milli Məclisdə həyata keçirilərkən cəmiyyətdə buna çox aktiv münasibət müşayiət olunur. Belə ki, Milli Məclisin plenar iclasında məsələ müzakirə olunarkən 18 nəfər deputatın çıxış etməsi, təkliflər komitədə müzakirə olunarkən 8 nəfər millət vəkilinin, işçi qrupunun əksəriyyətinin məsələyə münasibət bildirməsi və sosial mediadan, təhsil ekspertlərindən aldığım rəylər bu məsələyə cəmiyyətin nə qədər əhəmiyyət verdiyini göstərir.
Eyni zamanda, minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, Milli Məclisin Elm və təhsil komitəsi adından göndərdiyimiz layihəyə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəylər verilib. Rəylərdə müsbət tərəflər, eyni zamanda, maraqlı və əhəmiyyətli təkliflər öz əksini tapıb. Rəylərin və təkliflərin çoxluğunu nəzərə alıb, mən onları ümumiləşdirilmiş şəkildə təqdim etməyi məqsədəuyğun bilirəm.
Birinci, Məktəbəqədər təhsil haqqında qanun layihəsi müzakirə olunarkən “Əsas anlayışlar”da məktəbəqədər təhsil nədir sualına cavab verilmədiyi qeyd olunmuşdu. İndi sizə təqdim olunan layihədə məktəbəqədər təhsil nədir sualı “Əsas anlayışlar”da öz əksini tapmışdır.
Eyni zamanda, müzakirələr prosesində, hətta bu yaxınlarda komitə sədrlərinin hörmətli Oqtay müəllimin yanında keçirilən iclasında və bəzi təhsil ekspertlərinin rəylərində məktəbəqədər təlimlə bağlı müəyyən fikirlər və ideyalar irəli sürüldü. Mən bu məsələyə bir balaca aydınlıq gətirmək istəyirəm. 10 il bundan qabaq həm dünya, həm də ölkə miqyasında pedaqoji elmdə “təlim” daha geniş anlayış sayılırdı. Təhsil və tərbiyə onun tərkib hissələri hesab olunurdu. Artıq xeyli müddətdir ki, beynəlxalq elmi ictimaiyyətin gəldiyi qənaət ondan ibarətdir ki, “təhsil” daha ümumi anlayışdır, təlim və tərbiyə onun tərkib hissəsidir. Daha çox bacarıqları, vərdişləri öyrətməyə hesablanan təlim özü də həyata keçirilərkən biliklər və təhsil vasitəsi ilə onları icra eləməlidir. Ona görə də biz hesab edirik ki, Məktəbəqədər təhsil haqqında qanun layihəsinin adını dəyişməyə ehtiyac yoxdur. “Əsas anlayışlar” maddəsində “məktəbəqədər təhsil” nədir sualına cavab verildiyi kimi, “məktəbəqədər təlim” nədir sualına da orada cavab verməklə kifayətlənmək olar.
Məktəbəqədər təhsil haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində məktəbəqədər təhsil müəssisələrinin profili dəyişdirilmədən özəlləşdirilməsi haqqında müddəa öz əksini tapmışdı. Bu müddəaya həm deputat həmkarlarımız, həm ekspertlər, həm də müvafiq icra hakimiyyəti orqanları sərt reaksiya verdilər. Yaşadığımız dövrün acı təcrübəsi dövlət məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin riskli bir məsələ olduğunu meydana qoyur. Ona görə də biz cəmiyyətdən gələn ictimai rəyi nəzərə alaraq müzakirənizə təqdim elədiyimiz variantda özəlləşdirmə ilə bağlı maddəni ixtisar eləmişik.
Müxtəlif cür yanaşılan məsələlərdən biri də məktəbəqədər təhsil müəssisəsinin təsisçisi ilə bağlı idi. Biz məktəbəqədər təhsil müəssisəsinin həssas məsələ olduğunu, fasiləsiz təhsilin başlanğıcı olduğunu, bu müəssisənin subyekti olan məktəbəqədər təhsil müəssisəsinin dinləyicilərinin azyaşlı olduğunu və xarakterin, milli mentalitetin bu vaxtdan etibarən əsas təməllərinin qoyulduğunu nəzərə alaraq Məktəbəqədər təhsil müəssisəsi haqqında qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinin təsisçilərinin Azərbaycan vətəndaşları olmasını məqbul hesab eləmişik. Bu gün bu fikir deputat həmkarlarım tərəfindən komitədə də dəstəklənib.
Həm də mövcud qanunvericiliyə uyğun olaraq təsisçinin hüquqları və funksiyaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və müəyyən olunur. Biz hesab edirik ki, məsələn, peşə məktəblərinin təsisçiləri qismində xarici ölkə vətəndaşları, hətta vətəndaşlığı olmayan şəxslər də ola bilər, onların investisiyası fayda verə bilər. Amma məktəbəqədər təhsil kimi çox həssas, yeni nəslin böyüməsi ilə bağlı olan məsələdə təsisçi qismində Azərbaycan Respublikasının vətəndaşının olması daha məqsədəuyğundur. Çünki ora investisiya qoyan təsisçinin oradan təkcə gəlir götürmək yox, bir çox hallarda ideoloji, siyasi maraqları da olur ki, bu, ölkəmizə ziyan verə bilər. Ona görə biz bu məqamda təsisçinin Azərbaycan Respublikasının vətəndaşı olmasını məqsədəuyğun hesab edirik.
Məktəbəqədər təhsil müəssisələrində tədris dili məsələsi də müzakirə obyektinə çevrilmişdir. Biz bu məsələdə də birmənalı olaraq bu fikirdəyik ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. Amma valideynlərin arzusu nəzərə alınaraq, uşaqların maraqları əsas götürülərək digər dillərdə də qruplar yaradıla bilər.
Bundan başqa, təqdim olunan qanun layihəsi imkan verir ki, respublikamızda yaşayan digər azsaylı xalqların dillərində də məktəblər açılsın. Hazırda Azərbaycanda gürcü və rus dillərində məktəblər fəaliyyət göstərir. Təqdim olunan qanun layihəsi bunların da tənzimlənməsinə şərait yaradır.
Çıxışlarda məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydaları haqqında fikirlər də irəli sürülmüşdü. Əvvəla, məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydalarının xırdalıqları, detalları müvafiq icra hakimiyyətinin əsasnaməsi və nizamnaməsi ilə müəyyən olunur. Amma bizim təqdim elədiyimiz sənəddə isə bunun ümumi tərəfinə xüsusi diqqət yetirilir. Biz hesab eləmişik ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul valideynin müraciəti əsasında olmalıdır. Amma elə fikirlər var ki, dövlət məktəbəqədər təhsil müəssisələrində də özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində olduğu kimi, qəbul zamanı valideynlə müəssisə arasında müqavilə imzalansın.
Biz hesab edirik ki, məktəbəqədər təhsil müəssisəsi fasiləsiz təhsilin tərkib hissəsidir. Təhsil almaq Azərbaycan Respublikası vətəndaşının Konstitusiya hüququdur. Ümumtəhsil məktəblərinə şagird qəbul olunarkən məktəb və şagird arasında heç bir müqavilə imzalanmasına ehtiyac olmadığı kimi, məktəbəqədər təhsil müəssisəsinə, – söhbət dövlət təhsil müəssisəsindən gedir, – daxil olarkən də müəssisə ilə valideynin müqavilə bağlamasına ehtiyac yoxdur. Bu, bürokratiyadan başqa bir şey deyil. Amma bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində müxtəlif şərtlərə görə belə müqaviləyə ehtiyac vardır. Qanunvericilikdə bu məsələ hər iki tərəfdə öz əksini tapmışdır.
Ödəniş haqları ən ciddi məsələlərdən biridir. Bu həm sosial mediada, həm də deputatlar tərəfindən müzakirəyə çıxarılan məsələlərin içərisində xüsusi yer tutur. Biz dünya təcrübəsini də öyrənmişik, doğrusu, orta yol tapmaq xeyli dərəcədə çətindir. Dünyada bu məsələyə müxtəlif cür yanaşmalar var. Məsələn, Estoniyada övladı olan ailələrin hamısı bir qayda olaraq minimum əmək haqqının 20 faizini bağçalara keçirir. Çünki Estoniyada dövlət bağçası yoxdur və ona görə də hamı məcburi qaydada özəl bağçaya getməlidir. Finlandiyada təhsil haqqının bir qismini bələdiyyə, bir qismini isə valideyn ödəyir. Buna bənzər başqa formalar da vardır.
Biz belə hesab edirik ki, bizim ölkəmizin reallığı nəzərə alınmaqla şişirtmə olmasın deyə, məktəbəqədər təhsil müəssisələrində yuxarı həddin sərhədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunsa, daha yaxşı olar. Amma məktəb özü də maddi-texniki bazasına, bazarın tələbatına uyğun qiymətini müəyyənləşdirməlidir. Heç bir halda yuxarı həddi aşmamaq şərti ilə bu, tələb və təklif əsasında müəyyən olunmalıdır. Əgər deputat həmkarlarım bu barədə daha konkret fikir desələr, bizim üçün əhəmiyyətli olar. Biz bunun axtarışındayıq.
Burada səslənən məsələlərdən biri də akkreditasiya və attestasiya ilə bağlı idi. Dövlət məktəbəqədər təhsil müəssisələri, şübhəsiz ki, birmənalı şəkildə akkreditasiyadan keçirilir. Amma bəzi rəyçilərin fikirlərinə görə məktəbəqədər təhsil müəssisələrində attestasiyaya ehtiyac yoxdur. Biz əksinə düşünürük. Burada mütləq dövlət nəzarəti, daxili tənzimləmə, ümumi nəzarət olmalıdır, bu işçilərin məsuliyyətini artırar, keyfiyyətə müsbət təsir göstərər. Ona görə də attestasiyaya ehtiyac vardır və biz o maddənin saxlanılmasına tərəfdarıq.
Müzakirə prosesində müşahidə olunan cəhətlərdən biri odur ki, “məktəbəqədər təhsillə” “məktəbəqədər hazırlıq” anlayışları qarışdırılır. Məktəbəqədər təhsil 1 yaşdan 6 yaşa qədər olan prosesin hamısını nəzərdə tutur. Məktəbəqədər hazırlıq isə yalnız 5–6 yaşlarından sonra aparılan tədris prosesini əhatə edir. Bunun ən yaxşı nümunəsi İsveçdə və Finlandiyadadır. Məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 98 faizi məktəbəqədər hazırlıq mərhələsindən keçərək birinci sinfə qəbul olunur.
Bizim ölkəmizdə də keçən ildən Azərbaycan Respublikası Prezidentinin qayğısı ilə məktəbəqədər hazırlıq işi icbari hesab olunmuşdur. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, bu, Azərbaycan təhsil tarixində çox müsbət hadisədir, ölkənin gələcəyinə böyük qayğıdır. Məktəbəqədər təhsilə hazırlıq işinə ölkənin bütün məktəblərində başlanmışdır. Bu həm də sonradan orta məktəblərin birinci sinfinə qəbul prosesini asanlaşdırır. Məktəbəqədər hazırlıqdan keçən müdavim avtomatik olaraq birinci sinfə qəbul olunur. O prosesdə də neqativ hallar bu yolla tamamilə aradan qaldırılmış olur.
Eyni zamanda, “məktəbəqədər təhsil”lə “bağça” anlayışları da qarışdırılır. Düzdür, bizim ölkəmizdə əvvəllər buna sinonim kimi yanaşma halları olub, amma məktəbəqədər təhsil 1–6 yaşlıların hamısını əhatə edir. Onun yalnız bir hissəsinin konkret adı bağçadır. 1–3 yaş körpələr evi, 3–4 yaş bağça, 5–6 yaş məktəbəqədər hazırlıq qruplarıdır. Ona görə də “məktəbəqədər təhsil”lə “uşaq bağçası” eyni anlayış deyil. Biz qanun layihəsində buna da aydınlıq gətirməyə çalışmışıq.
Burada bir məsələdə də fikir müxtəlifliyi vardır. Biz qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinin rəhbəri müəyyənləşdirilərkən onun ən azı 5 il iş stajına malik olmasını məqsədəuyğun hesab etmişdik. Bəziləri bu yaş həddinin 10 il olmasını, bəziləri isə bunun, ümumiyyətlə, aradan qaldırılmasını tələb edirlər. Doğrudur, sizə təqdim olunan layihədə biz 5 il yazmışıq, amma layihə gündəliyə daxil olandan sonra düşündüm ki, buradakı yaş məsələsini ortadan qaldırmaq lazımdır. Ümumiyyətlə, ölkəmizdə yaş məsələsinə fərqli yanaşma var. Ona görə burada “bu sahədə təcrübəsi, səriştəsi olan” və sair kimi ifadələrdən istifadə etmək lazımdır. Məncə, rəqəm göstərməyə ehtiyac yoxdur. Bu cəhətdən cəmiyyətdən gələn rəylərin nəzərə alınmasını məqsədəuyğun hesab edirəm.
Qanun layihəsində göstərilib ki, məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri pedaqoji profilli şəxslər olmalıdırlar. Rəylərdə təklif edilir ki, pedaqoji profil geniş anlayışdır, yaxşı olar ki, o, “ixtisas təhsili olan” sözləri ilə əvəz olunsun. Əslində, belə olmalıdır, bağça və ya məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil ixtisası üzrə ali təhsili olan şəxs tərəfindən idarə olunmalıdır. Amma ölkədə genişlənməkdə olan bağça hərəkatı ilə müqayisədə biz “ixtisas təhsilli” yazsaq, kadr təminatını həyata keçirə bilməyəcəyik. “Pedaqoji” sözünü ona görə yazmışıq ki, pedaqoji ixtisası bitirənlərin hamısı hansı ixtisası bitirməklərindən asılı olmayaraq pedaqogika və psixologiya keçiblər, bu sahədə müəyyən qədər bilgiləri var. Real təminatı ödəmək baxımından məsələyə bir qədərə geniş yanaşaraq “pedaqoji profilli şəxslər” yazmışıq. Gerçəklik ixtisası yazmağı tələb etsə də, ehtiyac bunu yazmağı tələb edir. Təklif sizindir, amma obyektiv reallıq bundan ibarətdir.
Burada belə bir fikir səsləndi ki, Sahibkarlığın İnkişafına Dəstək Fondu və digər maliyyə fondları məktəblərin tikintisinə yardım göstərirlər, amma məktəbəqədər təhsil müəssisələrinə aid belə təcrübə yoxdur. Bu da fasiləsiz təhsilin tərkib hissəsi olduğundan məktəbə şamil olunan bütün yardımlar, dəstəklər məktəbəqədər təhsil müəssisələrinə də şamil olunmalıdır. Ona görə də biz burada bu cür maliyyə fondlarının məktəbəqədər təhsil müəssisələrinə də yardım göstərməsi zərurətini ayrıca müddəa ilə təsbit etməyi məqsədəuyğun görmüşük.
Bizə haqlı olaraq irad tutulub ki, indiki layihədə didaktik prinsiplərin yeri məhdudlaşdırılıb. Bundan qabaqkı layihədə isə onu çox geniş vermək bizə nöqsan tutulmuşdu. Mən hər ikisini qəbul edirəm, biz üçüncü oxunuşa qədər orta yol tapacağıq, didaktik prinsiplərin ən zərurilərini ifadə etməyə çalışacağıq.
İndi cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin müştərək maliyyələşdirilməsi barədə müzakirələr aparılır. Hələ konkret bir qərar yoxdur, amma proses gedir. Prosesə uyğun olaraq biz də bu məsələyə üçüncü oxunuşa qədər yenidən baxılmasını faydalı hesab edirik. Təkliflərdə məktəbəqədər təhsil müəssisələrinin gün rejimi, intizam qaydaları, geyim və sair kimi çox əhəmiyyətli məsələlər öz əksini tapmışdır. Biz hesab edirik ki, bunlar qanunun yox, əsasnamə və nizamnamələrin predmetidir. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, İsa müəllim, təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə keçirik. Məlahət xanım, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli İsa müəllimə bir uşaq həkimi, uzun müddət bu məsələlərlə məşğul olan biri kimi təşəkkür edirəm, çox mükəmməl bir qanun layihəsi təqdim olunubdur. Mən çıxışımda qanun layihəsi ilə bağlı fikirlərimi deyəcəyəm, amma indi bir sualım var.
Qanun layihəsinin “Əsas anlayışlar” maddəsində “loqoped” və “defektoloq” anlayışlarının mənaları açıqlanır. Dünyanın bir çox ölkələrində, hətta SSRİ dönəmində Moskvada, Peterburqda var idi və hazırda qardaş Türkiyədə də bu praktikaya istinad olunur. Bunlar nevroloji və psixonevroloji problemlərdir. Dediyim ölkələrdə loqoped və defektoloqların yüzdə 90-ı tibb təhsilli olur. Amma Azərbaycanda loqoped və defektoloq deyəndə pedaqoji təhsilli mütəxəssislər nəzərdə tutulur ki, bu da çox ciddi problemlər yaradır. Məsələn, bu yaxınlarda şəxsən tanıdığım və çox böyük hörmət etdiyim tanınmış bir psixoloq intihar etdi. İsa müəllim, Elm və təhsil komitəsinin rəhbəri, çox tanınmış təhsil işçisi kimi bununla bağlı Təhsil Nazirliyinin qarşısında məsələ qaldırıbmı? Çünki eşitdim ki, bu qanun layihəsi Təhsil Nazirliyinə də təqdim olunub. Əgər belədirsə, onlar da loqoped və defektoloqla bağlı öz fikirlərini deməli idilər. Bunu bilmək istəyirəm. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Hörmətli deputatlar, qanun layihəsi, bildiyiniz kimi, ikinci oxunuşda müzakirəyə çıxarılıb. İkinci oxunuşun tələbinə görə biz onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 17.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Daxili Nizamnaməyə görə biz ikinci oxunuşda qanun layihəsini fəsil-fəsil müzakirə etməliyik. Amma Milli Məclisin icazəsi ilə onu bütövlükdə müzakirə edə bilərik. Yəni etiraz etmirsinizsə, bütün fəsilləri biz bir yerdə müzakirə edə bilərik. Amma sözsüz ki, səsverməni ayrı-ayrı keçirəcəyik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsi birinci oxunuşda geniş şəkildə müzakirə olundu. İsa müəllim də təcrübəli pedaqoq kimi məsələ ilə bağlı fikirlərini söylədi və bəzi açıq məqamlar da saxladı ki, əgər təkliflər olarsa, müəyyən problemlərin həllində biz də maraqlıyıq.
Əslində, burada bəsit məsələ budur ki, məktəbəqədər təhsilin 14 növü göstərilibdir. Mən bir statistikanı sizə demək istəyirəm. Azərbaycanda təqribən il ərzində 105 min civarında birinci sinfə daxil olanlar var və onların da cəmi 18–20 faizi uşaq bağçasından gəlir. Bu nə deməkdir? 80 faiz üçün uşaq bağçası əlçatan deyil. Eyni zamanda, məktəbəqədər təhsilin özü də daşınma xərclərinə, sosial tələblərə və başqa məsələlərə görə Azərbaycan vətəndaşları üçün əlçatan deyil. Bu qanun bu formada qəbul olunarsa, yenə müəyyən problemlər ortaya çıxacaqdır.
Siz diqqət edirsinizsə, orta məktəbdə “repetitor” fəaliyyətinə əsas stimul verən nədir? Orta məktəbdə müəllimin maaşı, məktəbin texniki təchizatı müəyyən dərəcədə aşağıdır və məktəbdə şagirdin oxuması, lazımi biliklər əldə etməsi üçün yetərli potensial olmur. Belə olanda da valideyn əlavə xərc çəkərək “repetitor” xidmətindən istifadə edir. “Repetitor” fəaliyyətindən də Azərbaycanın dövlət büdcəsinə heç bir vəsait daxil olmur. Amma biz reallığı nəzərə alaraq elə etməliyik ki, xüsusi bir imtiyaz olmadan məktəbin bazasında yaranmış hazırlıq qruplarında, – özəl sistemdə müəyyən maksimumları müəyyən etməklə, – könüllü şəkildə hazırlıq kursu keçə bilsinlər. Bu gün faktlar var ki, məktəbəqədər hazırlıq kurslarında yetərincə bilgi əldə edə bilməyən uşaqlar üçün valideynlər yenidən müəllim tutmağa məcbur olurlar. Yenə 20, 30, 40 manatı həmin müəllimə verirlər. Ona görə də məktəbəqədər hazırlıq qrupları daha çox imkansız ailələr üçün nəzərdə tutulmalıdır. Qalan sahələrdən isə rahatlıqla məktəbin birinci sinfinə daxil olma imkanı tanınır.
Əslində, biz deyirik ki, məktəbəqədər təhsil bir yaşdan altı yaşa qədərdir. Təhsilin mahiyyəti nədir? Təhsilin mahiyyəti, son hədəfi qiymətləndirmədir. Burada qeyd olundu ki, Estoniyada bu qədər vəsait ayrılır, 20 faiz əmək haqqından tutulur. Onlar ağılsız adamlar deyillər ki. Baxırlar, dövlət müəssisəsi o effekti vermir, vəsaiti özəl uşaq bağçalarına ayırırlar ki, orada uşaqlar normal təlim keçsinlər.
Təhsilin əsas mahiyyəti qiymətləndirmədir. Bizdə məktədəqədər təhsil adı altında olan müəssisəni bitirən adama bu kursu keçdi deyə sertifikat verilir. Finlandiyada 7 yaşdan kiçik uşaqların qiymətləndirilməsi məqbul sayılmır. Çünki qiymətləndirməyə hazırlıq bazası uşaqlarda formalaşmalıdır ki, o məsələni həll eləyək. Yoxsa birdən-birə mükəmməl Azərbaycan şəxsiyyəti formalaşdırmaq, beş, altı yaşlı uşağın qarşısına müxtəlif tələblər qoymaq doğru deyil. O heç “məfkurə”, “azərbaycançılıq” sözlərini bilmir. Biz bunları yükləməklə qanuna bəzək-düzək çox veririk, amma real vəziyyəti nəzərə almırıq.
Bu baxımdan, hesab edirəm ki, burada əsas diqqət özəl sektora ayrılmalıdır. Özəl sektor həm vergi verməyə məcburdur, həm də təhsilə pul xərcləməyə maraqlıdır. Mən keçən dəfə də dedim, əsas qış və payız aylarına düşür. Valideyn 2–3 saat harada gözləməlidir? Məktəblərdə elə bir sığınacaq yer varmı?
Burada qidalanma məsələsi nəzərdə tutulub. Qidalanmanın standartını müvafiq icra hakimiyyəti müəyyən edir. 20 qəpiklik suyu burada 30 qəpiyə almalıdır. Bu standartlar necə müəyyən olunacaq? Digər tərəfdən məktəblərin vəziyyətinə də baxmalıyıq. Dövlət imkansızlar üçün qadalanma məsələsini pulsuz da edə bilər.
Sədrlik edən. Buyurun, bir dəqiqə vaxt verin.
F.Mustafa. Ona görə də biz bu məsələni birinci növbədə, kapitalist sisteminin tələblərinə uyğun formalaşdırmağa maraqlı olmalıyıq. Nə qədər sosial dövlət desək də, təhsil sahəsində böyük islahatlar getsə də, Azərbaycan məktəbləri, bağçalar bu yükü qaldırmağa hazır deyil. Bizə yüzlərlə müraciət olur ki, bağçaya qəbul eləmirlər, müəyyən qiymətlər qoyublar və sair. Hətta bəzən məktəbə də qiymətlər qoyurlar. Bu bizim reallıqlarımızdır. Ona görə bizim üçün əsas məsələ təhsilin əlçatan olmasıdır. Valideyn uşağını maşınla, avtobusla gətirə bilmir, ona görə də məktəbə qoymur. Yoxsa ən savadsız valideyn belə maraqlıdır ki, övladı oxusun. Məncə, özəl sektor məsələsi burada olmasa, bu, sadəcə, formal qəbul olunan bir qanun olacaq və burada irəliləyiş əldə etmək mümkün olmayacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. İsa müəllim məsələlərin əksəriyyətinə aydınlıq gətirdi, ancaq yenə də mənim üçün aydın olmayan bəzi məsələlər qaldı. Misal üçün, “metodist”, “defektoloq”, “loqoped” və sair anlayışlara baxıram. “Metodist – məktəbəqədər təhsil müəssisəsində təlimtərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis”. Belə başa düşdüm ki, bu gün yetərincə metodistlər yoxdur, ona görə də ali pedaqoji, yəni başqa müəllimlər də ola bilər. Belə olsa, heç vaxt o, yetərincə metodist olmayacaq.
“Defektoloq – uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis”. 3 aylıq kursu qurtarmış mütəxəssisdir, orta təhsillidir, xüsusi ixtisaslıdır, kimdir bu? “Loqoped – nitq qüsurlu uşaqlarla işləyən mütəxəssis”. Hansı səviyyəli mütəxəssisdir? “Tərbiyəçi-müəllim” anlayışı ilə bağlı çox gözəl yazılıb: “...ali və ya orta ixtisas təhsilli şəxs”. Metodist də müvafiq ixtisas təhsilli şəxs olmalıdır, loqoped də. Mənim fikrimcə, bu, çox önəmli bir məsələdir. Çünki bu cür dəqiq yazılmasa, sabah məktəbəqədər təhsil müəssisələrində kim desən işləyə biləcəkdir.
Qanun layihəsinin 11.6-cı maddəsində yazılıb ki, dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi və sair. Məncə, “genişlənməsi” sözü yaddan çıxıbdır. Çünki 5 il, 10 il fəaliyyət göstərəndən, uşaqların, qrupların sayı artandan sonra yəqin ki, genişlənməyə ehtiyac olacaqdır. Qanunda bu məsələ öz əksini tapsa, yəqin ki, onu həll etmək daha asan olar.
11.10-cu maddədə yazılır: “Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər arasında münasibətlər müqavilə ilə tənzimlənir”. Hüquqi cəhətdən daha düzgün olmazdımı yazılsın ki, hər hansı bir məktəbəqədər təhsil müəssisəsində münasibətlər mülkiyyət növündən asılı olmayaraq eyni qaydada tənzimlənir. Mənim fikrimcə, bu, daha düzgün olardı, ancaq qərar sizindir.
12.1-ci maddə: “Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan fiziki və hüquq şəxsləri ola bilərlər”. İzah etdiniz ki, xarici vətəndaş, xarici qurum təsisçi olsa, uşaqlarımıza başqa cür təsir edə bilər və sair. Bu məqsədlə bura gələn 15 il ərzində 7 yaşından başlayaraq uşaqlara təsir edə bilər və təcrübədən də bunu görürük. Bir də, “Təhsil haqqında” Qanunda belə bir məhdudiyyət yoxdur. Burada da biz bir neçə dəfə “Təhsil haqqında” Qanuna istinad edirik, onun üstünlüyünü göstəririk. Belədirsə, burada göstərilməlidir ki, “Təhsil haqqında” Qanunun filan-filan maddəsi bu qanuna, bu predmetə aid deyil.
Bununla bağlı 23.2-ci maddədəki bir məsələni qeyd edim. Bu tərəfdən xarici vətəndaşlara və sairə icazə vermirik, digər tərəfdən isə 23.2-ci maddədə yazırıq ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Xarici investisiyalara əlverişli şərait yaradırıq. Bu, kimdir? Ya xarici hüquq şəxsdir, ya xarici vətəndaşdır, ya da vətəndaşlığı olmayan şəxsdir. Belədirsə, əvvəl dediyiniz şərtdirsə, onda gərək bunların hamısı buradan çıxarılsın, uyğunluq olsun.
Deyiləsi söz çoxdur. Ona görə üçüncü oxunuşa qədər bu qanun layihəsi ilə məşğul olan mütəxəssislə görüşüb söhbət edərik. Qanunun bəz bəndləri qanun dilinə uyğun olmayan dildə yazılıbdır. Bunlara dəqiqlik gətirmək, hüquqi dildə yazmaq lazımdır. Misal üçün, “təhsil verənlər üçün normal iş şəraitinin yaradılması” nə deməkdir? Hüquqşünaslardan soruşuram, normal iş şəraiti. Ucqar dağ kəndində “normal iş şəraiti”ni soruşun, Bakının mərkəzində də. Yəqin 2 fərqli fikir olacaqdır. “Normal iş şəraiti” hüquqi anlayış deyil, ona dəqiqlik gətirmək lazımdır. Qanun layihəsinə səs verib dəstəkləyəcəyəm, amma üzərində işləmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. İlham müəllim, sualınız var, buyurun.
İ.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən istəyirəm, bir məsələni qeyd edəm. Valeh müəllim, diqqətlə qulaq asdım və çox dəqiq düzəlişlər etdiniz, iradlarınızı bildirdiniz. Yeganə xahişim var. Siz ali təhsilli və orta təhsilli dediniz. İndi ola bilər, İsa müəllim qanunda qeyd etsin. İcazə verin, “orta təhsilli”ni ora salmasınlar, çünki bizdə bu sahədə kifayət qədər təhsili olan insanlar var. Yadınızdadırsa, üzr istəyirəm, rusca deyəcəyəm “дошкольный педучилищ”lərimiz, yaxud APİ-nin məktəbəqədər təhsillə bağlı fakültəsi var idi. Bunlar orta təhsil sayılır məgər? Bunlar bu gün orta təhsil sayılmır.
V.Ələsgərov. Mən elə demədim. Mən xarici vətəndaşlardan söhbət gedəndə dedim ki, yoldan çıxarmaq istəyən 7 yaşından 20 yaşına qədər də çıxara bilər.
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də İsa müəllimə və bu qanun layihəsinin üzərində işləyən işçi qrupunun üzvlərinə təşəkkür edirəm. Bizim bu qanun layihəsi ilə bağlı ictimai dinləməmiz oldu və xeyli təkliflər irəli sürdük. Bu təklifləri komitəyə təqdim etdik, sağ olsunlar, demək olar əksəriyyətini nəzərə alıblar. Bununla yanaşı bir neçə təklifimi də burada səsləndirmək istəyirəm.
Birinci, 1.0.10-cu maddədə icma əsaslı məktəbəqədər təlim qruplarından söhbət gedir. Yaxşı olardı ki, burada yerli icra nümayəndəlikləri və bələdiyyələrlə yanaşı, qeyri-hökumət təşkilatlarının adı da qeyd olunsun. İsa müəllim, çox gözəl bilirsiniz ki, bun gün faktiki olaraq qeyri-hökumət təşkilatları tərəfindən təlim qrupları həyata keçirilir və bu sahədə xeyli təcrübəmiz var. Yaxşı olardı ki, biz bunu qanunvericilikdə də əks etdirək.
Növbət məsələ 13-cü maddə ilə bağlıdır. Burada məktəbəqədər təhsil fəaliyyətinin lisenziyalaşdırılması və məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasından söhbət gedir. Düşünürəm ki, bu maddədə ən mütərəqqi hallardan biri budur ki, lisenziya müddətsiz verilir. Bu, artıq bir çox məsələlərin həlli üçün yaxşı təklifdir. Amma gələcəkdə müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə etmək olar ki, lisenziyanın verilməsi, qeydiyyatın aparılması onlayn rejimində həyata keçirilsin. Bizim çox gözəl vahid pəncərə sistemi təcrübəmiz var, o da burada tətbiq edilsin.
Eyni zamanda, 13.7-ci maddədə qeyd edilir ki, akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin lisenziyası ləğv olunur. Lisenziyanın ləğv olunması məsələsinə, mənə belə gəlir ki, məhkəmə qaydası ilə baxılmalıdır və hər hansı bir lisenziyanın ləğv olunması məhkəmənin müvafiq qərarından sonra həyata keçirilməlidir.
Maddə 15.2-də məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsili olması ilə yanaşı, həm də menecerlik qabiliyyətinə malik olmalıdır tezisini nəzərə alaraq burada birbaşa pedaqoji təhsilin olması ilə bağlı tələbə də baxmalıyıq. Əlbəttə, bu, mübahisəli məsələdir, buna birmənalı şəkildə yanaşma yoxdur. Amma nəzərə alsaq ki, müəssisənin idarə olunması xüsusi menecerlik qabiliyyəti tələb edir, bu başqa sahənin də nümayəndəsi ola bilər. Amma mən tam anlayıram ki, burada müvafiq sahənin nümayəndəsinin olması daha çox üstünlük təşkil edən məqamlardan olmalıdır.
19.1.1-ci maddədə yazılıb ki, övladının qəbulu üçün yaşadığı ərazi üzrə mülkiyyət növündən asılı olmayan məktəbəqədər təhsil müəssisəsini seçmək. Söhbət valideynlərin qanuni hüquqlarından və yaxud da onların qanunda təsbit olunmuş hüquqlarından gedir. Mənə belə gəlir ki, biz məhdudiyyəti aradan qaldırmalıyıq. Yəni elə valideyn var ki, yaşadığı ərazi üzrə yox, istədiyi əraziyə görə öz övladını məktəbə qoya bilər. Ona görə də təklif edirəm ki, “yaşadığı ərazi üzrə” ifadəsi “yaşadığı ərazidən asılı olmayaraq” sözləri ilə əvəz edilsin. Belə bir məhdudiyyəti, məncə, qoymamalıyıq.
19.2-ci maddədə dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulda üstünlük verilən kateqoriyalar sadalanır. Tək valideynlərə, I, II qrup əlillərə, Qarabağ müharibəsi iştirakçılarına üstünlük verilir. Mənə belə gəlir ki, biz bura şəhid ailələrini də əlavə etməliyik.
21.3-cü maddədə məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsindən, müəyyən fondların cəlb olunmasından söhbət gedir. Mənə elə gəlir ki, bura qrantlar və ianələr haqqında müddəanı da əlavə etməliyik. Çünki digər maddələrdə, konkret olaraq 22.5-də qrantlar və ianələr haqqında müddəa var. Hesab edirəm ki, bu, əlavə bir stimul, əlavə bir maliyyə mənbəyi ola bilər.
Bütövlükdə, hesab edirəm ki, burada bir-iki suala da aydınlıq gətirməyə ehtiyac var. Təkcə dövlət müəssisələrində deyil, özəl müəssisələrdə də pedaqoji şuranın yaradılması məsələsinə baxılmalıdır. Bir də, bələdiyyə müəssisələrinin maliyyə mənbələri haqqında çox az məlumat var. Mənə belə gəlir ki, digər mülkiyyət növlərinə yaradılan şərait bələdiyyə müəssisələrinə də şamil edilməlidir. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən qanun layihəsi ilə ətraflı tanış olmuşam. Qanun layihəsinin birinci oxunuşunda hər birimiz onun konseptual baxımdan qəbul olunmasına səs verdik. Ondan keçən zaman kəsiyində İsa müəllim və bu qanun layihəsinin üzərində çalışan işçi qrupu burada deyildiyi kimi, millət vəkillərinin söyləmiş olduğu fikirlərin mütləq əksəriyyətini nəzərə alıblar və mükəmməl bir qanun layihəsi təqdim ediblər. Burada bütün məqamlar nəinki indiki zaman kəsiyində, mən deyərdim ki, həm də yaxın illər, perspektiv üçün nəzərə alınmaqla işlənib hazırlanmışdır.
İsa Həbibbəylini, təbii ki, xüsusi təqdim etməyə ehtiyac yoxdur. Ömrünün xeyli hissəsini, 40 ildən çoxunu təhsil sisteminə sərf etmiş pedaqoqlarımızdandır və kifayət qədər yaradıcı bir alimdir.
Hörmətli Ziyafət müəllim, onun qələmindən çıxan, bu qanun layihəsi, məncə, ikinci oxunuşun bütün tələblərinə cavab verir. Bizim zamanımız azdır, yəni 10 dəqiqə vaxtımız qalıb. Ona görə mən təkliflə çıxış etmək istərdim. Dəyərli millət vəkillərinin vacib bildikləri maddələrlə bağlı bu və ya digər təklifləri varsa, onları yazılı şəkildə də təqdim edə bilərlər. Mən təklif edirəm ki, biz bu qanun layihəsini ikinci oxunuşda səsə qoyub qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Doğrudan da, hörmətli İsa müəllim ətraflı məlumat verdi. Ancaq müəyyən məsələləri düşünürəm ki, diqqətə təqdim etmək lazımdır. Qanunda məktəbəqədər təhsildən və “məktəbəqədər hazırlıq” təhsilindən söhbət gedir. Amma “Əsas anlayışlar”da “məktəbəqədər təhsil” birləşməsi verilir, “məktəbəqədər hazırlıq” təhsili ilə bağlı heç nə deyilmir. Əgər bunlar eynidirsə, mətndə düzəltmək lazımdır ki, hamısı “məktəbəqədər təhsil” olsun. Yox, fərqli məsələdirsə, onda “məktəbəqədər hazırlıq” təhsilini də ayrıca izah etmək lazımdır.
3.0.7-ci maddədəki bir ifadə Azərbaycan dilinin qanunauyğunluqlarına cavab vermir: “Uşaqların 5 yaşdan məktəbəqədər hazırlıq təhsilinin zəruriliyi”. Düşünürəm belə olmalıdır: 5 yaşına çatmış uşaqların məktəbəqədər hazırlıq təhsilliyinin zəruriliyi. Bunu düzəltsəniz çox yaxşı olardı.
5.1-ci maddədə qeyd olunur ki, təhsilalanların və təhsilverənlərin keyfiyyət göstəriciləri. Bu, mücərrəd bir anlayışdır, keyfiyyət göstəriciləri deyəndə fiziki, bioloji, intellektual göstəricilərmi nəzərdə tutulur? Söhbət təhsildən gedirsə, məncə, onu dəqiqləşdirmək lazımdır. Tutaq ki, biri deyəcək ki, sizin boyunuz bu qədərdir və bu keyfiyyət göstəricisinə əks olduğu üçün qəbul olmursunuz. Bu məsələlər bir qədər problem yarada bilər.
6.2-ci maddədə qeyd olunur ki, məktəbəqədər təhsil Azərbaycan dilini öyrənməklə digər dillərdə də aparıla bilər. “Digər dillər” çox dağınıq ifadədir. Hansı dillərdə? Təklifim belədir ki, bəlkə “ümumi işlək dillərdə” yazaq. Əgər söhbət dünya dillərindən gedirsə, bu şəkildə bunu ifadə etmək olar. Yox, əgər ölkəmizdə olan digər dillərdən söhbət gedirsə, buna bir aydınlıq gəlməlidir ki, digər dillər kateqoriyası nədən ibarətdir, buna hansı dillər aid edilir və sair.
Maddə 7.5.3-də qeyd olunur ki, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü. Bu, qətiyyən düzgün cümlə deyil. Bunu belə yazmaq lazımdır: sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək vərdişlərinin aşılanması. Çünki öyrənmək və qərar qəbul etmək təşəkkül tapmır. Bu özü-özündən əmələ gələn bir şey deyil ki, təşəkkül tapsın. Yəni burada vərdişin öyrənilməsi və aşılanmasından söhbət gedir.
7.5.6-cı maddədə yazılır ki, sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlara nail olmağı təmin etmək. Gigiyena bacarıq deyil, sadəcə, vərdişdir. Bacarıq fövqəladə bir şeydir. Tutaq ki, kimsə dağı dağ üstünə qoyur, o, bacarıqdır. Uşağa biz gigiyenik vərdiş öyrədəcəyik ki, yeməkdən əvvəl, yeməkdən sonra dişlərini yu. Bu, vərdişdir. Düşünürəm ki, Azərbaycan dilindəki bu gözəl sözü ora yazmaq yerinə düşərdi.
Bir də, 8.3-cü maddədə yazılıb ki, məktəbəqədər təhsil ailədə həyata keçirilir. Ailədə necə həyata keçiriləcəkdir? Maddə 4.4-də qeyd olunur ki, bunlar şagird başına düşən maliyyə qaydasında maliyyələşdiriləcəkdir. Belə olan halda ailəyə lisenziyanı kim, necə, hansı əsaslarla verəcək və maliyyələşdirmə prosesi nə cür baş tutacaqdır? Ailədə məktəbəqədər təhsil ola bilərmi, bilmirəm. Bunu da izah etmək lazımdır ki, aydın olsun. Bələdiyyəni, özəli başa düşdük, amma ailədə bilmirəm, nə cür olacaq? Bunu da düşünürəm ki, yenidən nəzərdən keçirmək lazımdır.
Bir də burada bələdiyyə və özəl təhsil müəssisələrində müqavilədən söhbət gedir. Hörmətli İsa müəllim də bunu dedi, mən də düşünürəm ki, burada müqavilə standartı olmalıdır. Bəlkə yazaq ki, müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmuş standart müqavilə olmalıdır. Bu gün Azərbaycanda əksər xidmət təklif edən şirkətlər, müəssisələr, tutaq ki, sizə internet satan provayderlər elə müqavilə bağlayırlar ki, sabah müqavilə öhdəçiliyini yerinə yetirməyəndə onlara qarşı heç bir iddia qaldıra bilmirsiniz, çünki əvvəldən sizin bütün hüquqlarınızı müqavilədə yox edir. Təhsil Nazirliyinin təsis etdiyi müqavilə standartı olsun, hamı da onu bağlasın.
Sədrlik edən. Hikmət müəllim, sağ olun. Hörmətli deputatlar, artıq vaxtımız sona çatır. Əgər etiraz etmirsinizsə, müzakirələri burada dayandıraq və növbəti iclasda davam etdirərik. Olar?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, sağ olun.
EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ
14 fevral 2017-ci il
_____________________________
Sədaqət Vəliyeva. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı hər hansı iradım olmasa da, konkret olaraq bu sahə ilə bağlı bəzi fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Bu fikirlərim isə əlbəttə ki, birbaşa olaraq bələdiyyələrin fəaliyyəti və ictimaiyyətin özünüidarəetmə orqanlarına olan münasibəti ilə bağlıdır.
Artıq 4-cü dəfə seçilmiş bələdiyyələrlə əlaqədar qanunvericilik bazası möhkəmləndirilsə də, həm ölkə daxilində, həm də xaricdə müvafiq qurumlarla əməkdaşlıq etmə nəticəsində müsbət təcrübə əldə edilsə də, cəmiyyətimizdə hələ də müəyyən fikir ayrılıqları var. Bir qisim insan xüsusi mülkiyyətə görə vergi ödəməkdən yayınır, digər qisim bələdiyyələrin səlahiyyətlərinin olmamasından danışır, bələdiyyələr isə maarifləndirmə aparılmadığı üçün fəaliyyətsizlik fonuna düşür.
Eyni zamanda, bu gün qanunla bələdiyyələrə geniş səlahiyyətlər verilib. Bələdiyyə öz məktəbini, uşaq bağçasını, idman kompleksini və digər ictimaiiaşə obyektlərini yarada bilər. Eyni zamanda, bələdiyyələr istehsal sahəsi, sex və sair yaratmaqla əhatə etdiyi ərazidə məhəllələrin abadlaşdırılmasına töhfə verə bilərlər. Yəni demək istədiyim odur ki, bələdiyyə insanlarla qarşılıqlı fəaliyyət qurmalıdır. Bu şəbəkə elə işləməlidir ki, qarşılıqlı anlaşma mühiti formalaşsın.
Bütün bunları nəzərə alaraq bələdiyələrin fəaliyyətini əhatə edən bir neçə təklifimi diqqətinizə təqdim etmək istəyirəm:
Birinci, bələdiyyələrin tam fəaliyyəti üçün onların mülkiyyətinə dair normativ hüquqi aktların təqdim edilməsi vacibdir.
İkinci, bələdiyyələrin yerləşdikləri ərazilər üzrə xəritələrin tərtib edilməsi lazımdır. Bu gün bir çox bələdiyyələrin fəaliyyət göstərdiyi ərazi üzrə xəritələri mövcud deyildir.
Üçüncü, bələdiyyələrin fəaliyyətinin konkretləşdirilməsi, məhdudlaşdırıcı halların aradan qaldırılması lazımdır.
Dördüncü, bəzi bələdiyyələrə şəhər ətrafında qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması vacibdir.
Beşinci, xüsusi yaradılmış nəqliyyat dayanacağı məntəqələrinin ya bələdiyyələrin nəzarətinə verilməsi baş verməlidir, ya da həmin ərazilərdən yığılmış vəsaitin müəyyən bir hissəsi bələdiyyələrin hesabına köçürülməlidir.
Altıncı, bələdiyyələrin birləşdirilməsi və vahid idarəetmə sisteminin formalaşdırılması üçün qanunvericiliyə baxmaq, böyük şəhər bələdiyyəsinin formalaşdırılması və sairdir.
Yeddinci, müxtəlif istiqamətli sosial mərkəzlərin tikilməsi üçün bələdiyyələrə vəsaitin ayrılması, yaxud inşa edilərək onların balansına verilməsi kimi addımlar atılmalıdır.
Ümumiyyətlə, təkliflərimiz çoxdur. Ümumi məqsədimiz də ondan ibarətdir ki, bələdiyyələrin fəaliyyətinin sərhədləri nəticə etibarilə genişlənsin, xidmətlərin sayı artsın. Diqqətinizə görə təşəkkür edirəm.