24.02.2017 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ
PROTOKOLU № 35
Milli Məclisin iclas salonu.
24 fevral 2017-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 97
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Səfa Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Firudin Hacıyev, Milli Məclisin İşlər müdiri.
Milli Məclis Aparatının şöbə müdirləri, Milli Məclis Sədrinin köməkçiləri, Aparatın şöbə müdirlərinin müavinləri, İşlər müdirinin müavinləri, Aparatın sektor müdirləri.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Fərəc Quliyev, Siyavuş Novruzov, Zahid Oruc, Vahid Əhmədov, Jalə Əliyeva, Xanhüseyn Kazımlı, Elmira Axundova, Hikmət Məmmədov, Fəzail Ağamalı, Fəzail İbrahimli, Qənirə Paşayeva, Flora Qasımova, Elşən Musayev, Sahibə Qafarova, Zeynəb Xanlarova, Bahar Muradova, Musa Quliyev, Mirkazım Kazımov, Elman Nəsirov, Şahin İsmayilov, Musa Qasımlı, Rafael Cəbrayılov, Astan Şahverdiyev, Bəxtiyar Əliyev, Sahib Alıyev, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Sədaqət Vəliyeva, Tahir Kərimli, Novruzəli Aslanov, Gövhər Baxşəliyeva, Pərvin Kərimzadə
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
24 fevral 2017-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 97
Yetərsay 83
Çox sağ olun,yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Milli Məclisin bugünkü iclası Xocalı soyqırımının 25 illiyinə həsr olunub. Gündəlik sizə paylanıb. Gündəlikdə bir məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi.
Hörmətli millət vəkilləri, Xocalı soyqırımı XX əsrdə xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Xahiş edirəm, faciədə həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah onlara rəhmət eləsin.
Hörmətli millət vəkilləri, Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq, etnik təmizləmə və soyqırımı siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasətin iki yüz ilə yaxın tarixi var. Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləridir. Təəssüf ki, müəyyən dövrə qədər erməni şovinistləri havadarlarının dəstəyindən istifadə edərək öz niyyətlərinə nail ola bilmişlər. Ötən əsrdə yüz minlərcə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Azərbaycanın əzəli torpaqları olan İrəvan, Göyçə, Zəngəzur mahallarında, Şərur-Dərələyəz, Sürməli, Gümrü qəzalarında və digər ərazilərdə erməni dövləti qurulmuş, Qarabağda ermənilərə əsassız olaraq muxtariyyət verilmişdir.
1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlı Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilmiş və ya qovulmuşdur. 25 ildir ki, Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal altındadır. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırımı cinayəti törədilmişdir. Xocalı soyqırımından əvvəl azərbaycanlıların yaşadığı kəndlərdə əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı işgəncə verilərək qəddarcasına öldürülmüşdür. Onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yox edilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir.
Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət vermişdir. Azərbaycan Prezidentinin fər-manları və Milli Məclisin qərarları ilə Xocalı faciəsi soy-qırımı kimi qiymətləndirilmişdir. Hər il fevralın 26-sı saat 17-də 1 dəqiqəlik sükut elan olunur. Bununla yanaşı, XX əsrdə erməni vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq 31 mart azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Dövlətimizin Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçiridiyi tədbirlərdə Milli Məclis yaxından iştirak edir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Eyni zamanda, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını Milli Məclisin deputatları fəal surətdə dəstəkləyirlər. Beynəlxalq tədbirlərdə deputatlarımız Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsinin tanıdılması məsələsini diqqət mərkəzində saxlayırlar. Hər il millət vəkillərimiz dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edirlər. Bu ölkələrin coğrafiyası ildən-ilə daha da genişlənir.
Bu günlərdə Milli Məclisin deputatları Türkiyədə, Gürcüstanda, Qazaxıstanda, Fransada, Belçikada, İsraildə, Bosniya və Herseqovinada, Avstraliyada Xocalı faciəsinə həsr olunan tədbirlərə qatılmışdılar. Bu ayın 17-də Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirələr keçirilmişdir. Milli Məclis faciənin 25-ci ildönümünə həsr olunmuş broşür hazırlayıb çap etmişdir. Xocalı soyqırımı ilə bağlı sənədlər toplusu nəşrə hazırlanır və bu günlərdə işıq üzü görəcəkdir.
Azərbaycan öz ərazisinin bir hissəsinin qəsb edilməsi ilə heç vaxt barışa bilməz. Xalqımız Xocalı soyqırımını və digər faciələri heç zaman unutmayacaqdır. Bu faciələr bizim qan yaddaşımızdan silinməyəcəkdir. Biz əminik ki, bu vəhşi əməlləri törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək, layiq olduqları cəzanı alacaqlar.
Hörmətli millət vəkilləri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və gündən-günə hərbi qüdrətini artırır. Biz əminik ki, gec-tez Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsinə nail olacaq və Dağlıq Qarabağ üzərində suverenliyini bərpa edəcəkdir. (Alqışlar.)
Hörmətli millət vəkilləri, indi isə icazə verin, gündəlik ilə əlaqədar məruzə üçün sözü verək hörmətli Ziyafət müəllimə. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar, mətbuat nümayəndələri! Xocalı soyqırımının üstündən 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç zaman unudula bilməz. Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğınını XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə müqayisə etmək olar.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilmişdir. Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yer üzündən silinmişdir.
Dağlıq Qarabağda Şuşadan sonra Xocalı şəhəri Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Ermənistan Respublikasındakı ata-baba yurdlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanmışdı. Hakimiyyət dairələrinin təhrik etdikləri davakar erməni şovinistləri Ermənistanın kütləvi informasiya vasitələrində, İrəvanda və Xankəndində keçirilən mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər. Məqsəd Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış Azərbaycan xalqını qorxutmaq və onun mübarizə əzmini qırmaq idi.
1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı, Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsi ilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də “Azərbaycan Hava Yolları” Dövlət Şirkətinə məxsus Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 48 azərbaycanlı həlak olmuşdu. Yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırılmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər.
Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin ikibir-üçbir və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdikləri bütün cəhdlərin qarşısı alınırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst oldu. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 155 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyildir.
Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişdilər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışdılar.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində iştirak etmiş hərbi qulluqçulardan və mülki şəxslərdən 39 nəfərinin adı bu gün Azərbaycanın istintaq orqanlarına məlumdur. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük bir hissəsi erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
Erməni millətçilərinin əsas hədəflərindən biri dinc əhali arasında xof yaratmaq, eyni zamanda, Bakıda siyasi vəziyyəti qarışdırmaq, Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikası Xocalı faciəsi kimi ağır zərbədən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.
Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası sübut edir ki, bu soyqırımı aktı BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməs ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş anlayışa tam uyğundur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.
Xocalı faciəsi Cənubi Qafqazda azərbaycanlılara qarşı törədilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasət son iki yüz ilə yaxın dövrdə bir neçə mərhələdə həyata keçirilmişdir. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında uzun sürən müharibələr nəticəsində Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqları mərhələ-mərhələ Rusiya imperiyasının tərkibinə qatıldı. 1828-ci ildə Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsi planı tamamilə başa çatdırıldı. Çar Rusiyasının Cənubi Qafqazda apardığı müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət idi. İşğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirmək üçün çar Rusiyası İrandan və Osmanlı imperiyasından xristian ermənilərin Cənubi Qafqaza köçürülməsinə dair irimiqyaslı və uzunmüddətli planın həyata keçirilməsinə başlamışdı. Türkmənçay müqaviləsinə İranda yaşayan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi barədə ayrıca bir maddənin daxil edilməsi çar hökumətinin bu məsələyə nə qədər ciddi əhəmiyyət verdiyinə dəlalət edir. Təkcə 1829–1831-ci illərdə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İrandan 40 minə yaxın erməni köçürülmüşdü. 1828–1829-cu illərin Rusiya–Türkiyə müharibəsi nəticəsində imzalanmış Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən 1831-ci ilin aprel ayınadək Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən və Osmanlı imperiyasının digər yaşayış məntəqələrindən 100 minədək erməni gətirilib Azərbaycan torpaqlarında yerləşdirilmişdi.
Ümumən XX əsrin əvvəllərinədək İrandan və Türkiyədən Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürülmüşdü. Ermənilərin kütləvi surətdə köçürülməsi, yerli sakinlərlə müqayisədə onlara xüsusi hüquq və imtiyazların verilməsi azərbaycanlıların hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdı. XIX əsrin sonlarından çar Rusiyasının himayəsindən istifadə edən erməni şovinistləri ermənilərin məskunlaşdıqları ərazilərdə “böyük Ermənistan” yaratmaq xülyasına düşdülər. Ələ keçirmək istədikləri ərazilərdən yerli sakinləri sıxışdırıb çıxarmaq üçün erməni millətçiləri etnik təmizləməni bir vasitə olaraq seçmişdilər. 1905–1907-ci illərdə İrəvanda və Zəngəzurda, Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1914-cü ildə Ərzurumda, Qarsda və digər yerlərdə dinc əhaliyə amansızcasına divan tutuldu. 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində azərbaycanlı əhali yenidən soyqırımına məruz qaldı.
1918-ci ilin mart soyqırımı zamanı təkcə Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox dinc əhali qətlə yetirildi. İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı məhv edildi. Erməni cəza dəstələrinin vəhşilikləri nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmi 70 min nəfərə enmişdi. Bunu da qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində azərbaycanlılarla birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur Ermənistanın tərkibinə daxil edildi, nəticədə onun ərazisi 9,8 min kvadratkilometrdən 30 min kvadratkilometrə çatdırıldı. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edildi. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün yeni meydan yaradıldı, Cənubi Qafqazda indiyədək davam edən yeni faciələrin əsası qoyuldu. Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxardı.
SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə yüz minlərcə azərbaycanlının deportasiya edilməsinə nail oldular. 1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin, şəxsən Mixail Qorbaçovun ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləmə aparmaq niyyəti ilə azərbaycanlıların elliklə yaşadıqları rayon və kəndlərə silahlı basqınlar etməyə, onları ata-baba yurdlarından qovmağa başladılar. Bu arada SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq əməli törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərcə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Erməni millətçiləri insanların müxtəlif bədən üzvlərini kəsməklə, gözlərini çıxarmaqla, azyaşlı uşaqları dəmir boruların içinə doldurub hər iki ucunu lehimləməklə insana nifrət ideologiyasının baniləri olan ata-babalarının əməllərini özlərinə layiq şəkildə davam etdirmiş oldular.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı-qarşıya duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgələrindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.
Davakar erməni millətçiliyinə qarşı dövlət səviyyəsindəki mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra mümkün olmuşdu. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdi. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü kimi elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir.
Dövlət başçısının 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmişdir. Beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən tələb edilmişdir ki, XIX–XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanısınlar və gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquqi mexanizmlərin yaradılması işini tezliklə başa çatdırsınlar. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin müvafiq qərarına əsasən 1994-cü il fevralın 24-də Xocalı soyqırımına siyasi qiymət verilmiş və 26 fevral Xocalı soyqırımı günü kimi elan edilmişdir. Bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Eyni zamanda, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 23 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir. Azərbaycan Respublikasının gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır.
Bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın dövlət büdcəsindən çoxdur. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, erməni şovinizmi təhlükəsinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Bunu ötən il aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi. Təxribat törətməyə çalışan Ermənistan silahlı qüvvələri milli ordumuzdan hələ uzun müddət yaddan çıxara bilməyəcəkləri bir dərs aldılar. Amma yenə də biz bu problemin sülh yolu ilə nizama salınmasına çalışırıq. İnanırıq ki, sülh danışıqlarının potensialı hələ tükənməyib.
Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə beynəlxalq səylər 1992-ci ilin mayında ATƏT-in Minsk qrupunun yaradılması və gələcək sülh konfransının mandatının müəyyən edilməsi ilə başlanmışdı. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir. 1994-cü ildə ATƏT-in Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmişdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyası hazırda Minsk qrupunun həmsədrləridir. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə dinlənilmiş və AŞPA-nın münaqişəyə dair mövqeyini əks etdirən qətnamə və problemin həlli istiqamətində təşkilatın həyata keçirə biləcəyi tədbirlərə dair Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanmış tövsiyələr qəbul edilmişdir. Bu sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələrin nəzarəti altında olması və həmin ərazilərdə etnik təmizləmə aparılması faktları öz əksini tapmışdır. Digər tərəfdən, Avropa Şurasının üzvü olan dövlət tərəfindən xarici ərazilərin işğalının həmin dövlətin təşkilat qarşısında götürdüyü öhdəlikləri ciddi surətdə pozduğu bəyan edilmiş, güc vasitəsi ilə ilhaq cəhdi rədd olunmuş, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad olunmuş, silahlı qüvvələrin işğal olunmuş bütün ərazilərdən çıxarılması zərurəti göstərilmiş, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.
2010-cu il mayın 20-də Avropa Parlamenti “Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac” adlı qətnamə qəbul etmişdir. Sənəddə Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb edilmişdir. Həmin il aprelin 7-də qəbul etdiyi “Avropa Qonşuluq Siyasəti – Şərq ölçüsünün icmalı” adlı qətnamədə isə Avropa Parlamenti qaçqın və köçkünlərin bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz şəkildə təmin edilməsinin vacibliyini bir daha vurğulamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərar qəbul etmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hissəsidir və hazırda işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsdiq olunduğu kimi, güclə hədələmək və güc tətbiqi yolu ilə ərazilərin əldə edilməsi qanuni hesab oluna bilməz. Məhkəmə bunu da təsdiq etmişdir ki, azərbaycanlı əhalinin öz evlərinə qayıtmaq hüququ mübahisə predmeti ola bilməz. Şübhə yoxdur ki, Ermənistanın və Azərbaycanın inkişaf səviyyələri arasında fərqin getdikcə artdığı bir şəraitdə təcavüzkara göstərilən beynəlxalq təzyiqin güclənməsi öz nəticəsini verməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, qaçqın və köçkün soydaşlarımız doğma yurdlarına qayıtmalı, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olmalıdır.
Hörmətli deputat həmkarlarım, bu gün hər kəsə aydındır ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və o, mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Əminəm ki, Ermənistan da öz qonşusuna qarşı düşmənçilik siyasətinin perspektivsiz olduğunu anlamağa məcbur olacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını ya xoşluqla, ya da zor gücünə geri qaytaracaqdır. Buna da əminəm ki, Xocalı şəhidlərinin, digər şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ideoloqları, təşkilatçıları və icraçıları mütləq öz cəzalarına çatacaqlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, indi müzakirələrə başlayacağıq. Əgər etiraz yoxdursa, müzakirələri 5 dəqiqə eləyək ki, hamının danışmağa imkanı olsun. Qərar layihəsi sizdə var, xahiş edirəm, fikirlərinizi qərar layihəsi ətrafında bildirəsiniz. Buyurun, Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Milli Məclis həmişə Xocalı hadisələri ilə bağlı olaraq öz mövqeyini aydın şəkildə bildirib, bu gün də Ziyafət müəllimin sanballı çıxışını dinlədik. Hesab edirəm, bu, təkcə onun tutduğu statusla deyil, həm də onun hamımız kimi yaşadığı vətənpərvərlik hissləri ilə çox bağlıdır. Bizim hamımız müəyyən ölkələrə səfərlər edəndə Oqtay müəllimin tövsiyələrindən biri də Xocalı ilə bağlı təbliğat işinin aparılması olub. Hesab edirəm ki, Milli Məclisin də Xocalı ilə bağlı dünya ictimai həyatında yaranmış rəydə çox mühüm addımları, töhfələri olub. Ona görə də mən bütün həmkarlarıma və rəhbərliyə təşəkkür edirəm.
Qəbul edəcəyimiz qərar layihəsində bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, biz bəzi həqiqətləri olduğu kimi ifadə eləməliyik. Biz heç bir dövlətin ərazisinə girməmişik, ordumuz heç bir dövlətin dinc sakinlərini qırmayıb. Heç kimin yanında gözükölgəli deyilik ki, bəzi həqiqətlərin üstündən keçək və bəzi məsələlərin tarixdə yumşaq şəkildə yanlış olaraq qalmasını təmin eləyək. Mən nəyi nəzərdə tuturam?
Qərar layihəsinin sonunda 366-cı alay keçmiş sovet ordusunun 366-cı alayı kimi göstərilir. Amma faktiki olaraq Belovej sazişindən sonra Sovet İttifaqı yox idi və sovet ordusu da ola bilməzdi. 1991-ci il dekabr ayının 21-də Almatıda MDB-nin yaranması haqqında artıq qərar var idi, yəni bu ordu Rusiya dövlətinə məxsus olan bir ordu idi. Heç Rusiyanın özündə də çoxları bilmirlər ki, onların ordusundan ermənilər öz istəkləri üçün istifadə ediblər. Mən hesab edirəm ki, bu həqiqəti göstərmək və Rusiyanın özündə bildirmək lazımdır ki, sizin uşaqlarınızdan bizə qarşı istifadə ediblər və soyqırımı törədiblər. İndi yaranan ortaq ordunun da gələcəkdə necə davranacağı məlum deyil və biz profilaktik olaraq bu ifadənin buraya salınmasını təmin etməliyik. Bu, Rusiya xalqına olan pis münasibət deyil, bu ifadə Rusiya xalqı ilə Azərbaycan xalqını düşmən eləyən erməni siyasətinə qarşı normal göstərilməlidir və biz rus ordusundan istifadə edilməsinin qarşısını bu başdan almaqla bağlı ifadələrə, məncə, düzəliş eləməliyik.
İkinci, qərarda “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adı altında ifadələr gedir. Hesab edirəm ki, bu ifadəni “Ermənistan–Azərbaycan müharibəsi” kimi göstərməyə özümüzdə güc tapmalıyıq. Bu münaqişə deyil. Əvvəla, Dağlıq Qarabağ üçüncü subyekt kimi göstərilir. “Azərbaycan” ifadəsi içərisində Dağlıq Qarabağ da, Naxçıvan da, Şəki də, Şirvan da, hamısı gedir. Biz buraya “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsini salmaqla müəyyən qədər orada gedən prosesləri Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların adına bağlamaq üçün tutar veririk. Bu, Ermənistanın törətdiyi hadisədir, müharibə də “Ermənistan–Azərbaycan müharibəsi” olduğu üçün, əgər məsləhətdirsə, bu ifadə də qərar layihəsində dəyişilərdi. Mən bir daha şəhidlərimizə “Allah rəhmət eləsin” deyirəm, millətimizə səbirsiz olmağı arzulayıram. Hesab edirəm ki, qısa zamanda biz öz qisasımızı alarıq və həqiqət yerini tapar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ziyafət müəllimin nəinki Xocalı soyqırımı ilə bağlı, ümumilikdə Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən və Azərbaycan xalqının başına gətirilən soyqırımı hadisələri ilə bağlı məruzəsində tarixi faktlar öz əksini tapıb. Bir neçə kəlmə ilə qeyd etmək istərdim ki, əsrin istənilən dövrünə baxanda şahidi oluruq ki, Azərbaycan xalqı hər zaman üzərinə gələn nizami ordu ilə vuruşmaq təhlükəsi qarşısında qalıb. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra da ermənilər Azərbaycan ərazilərinə nizami ordu şəklində hücum edib və dinc əhalinin qətli ilə məşğul olub. Xocalı soyqırımı da bu qətliamın bir hissəsidir və hesab edirəm ki, bu ən böyük faciələrdən biridir. Bəzən Xocalı soyqırımını başqa tərəflərə yozmaq istəyirlər. Ümumi götürsək, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq şərh etsək, Xocalı soyqırımı məhz etnik və dini təmizləmə məqsədi ilə həyata keçirilən bir qətliamdır və buna da ancaq soyqırımı demək olar. Bunun başqa adı yoxdur, dünyada ancaq etnik və dini mənsubiyyətinə görə insanların qırılması “soyqırımı” hadisəsi adlanır.
Digər tərəfdən Xocalı soyqırımının iştirakçıları ilə bağlı, başda Ermənistanın cinayətkar rəhbərliyi və ayrı-ayrı şəxslər olmaqla siyahı tərtib olunub. Mən hesab edirəm ki, biz başqa bir şey gözləməliyik. Bizim hüquq mühafizə orqanları şifahi də olsa, bu insanlar haqqında qərar çıxarmalıdırlar. Bu qərar bütün dünyaya yayılmalıdır. Biz gözləməməliyik ki, nə vaxtsa bunlar tutulub gətiriləcək, məhkəmə qurulacaq və bundan sonra hansısa qərar qəbul olunacaq. Çünki bunların lap başda duranları öz törətdikləri cinayətlər ilə fəxr ediblər. BMT-nin sürtülmüş kürsüsündən Serj Sarkisyan dəfələrlə çıxış eləyərək öz qəhrəmanlığından danışıb ki, Xocalıdakı qətliamda necə iştirak edib. Bundan böyük məclisdə və yaxud da başqa bir yerdə etiraf lazımdırmı? Yaxud da Balayan “Ermənistanın böyük ziyalısı” adlandırılan kitabında uşaqların və türklərin ölümündən, onların yandırılmasından duyduğu ləzzəti qeyd edir. O, dünya ictimaiyyəti qarşısında da, ayrı-ayrı məhkəmələr qarşısında da birbaşa cinayətini boynuna alır. Ona görə də biz bunları niyə gözləməliyik ki, əlavə izahat yazsınlar və ya məhkəmə qarşısında əlavə cavab versinlər. Bu insanlarla bağlı konkret olaraq Hərbi Məhkəmədə cinayət işi qaldırılmalı və Hərbi Məhkəmənin kollegiyası qərar qəbul eləyib İnterpola, dünya ölkələrinə göndərməlidir ki, sabah bizdən soruşmasınlar, niyə indiyə qədər bu məsələni qaldırmamısınız, indi qaldırırsınız? Şifahi qərar da qəbul eləmək olar, məhkəmə-hüquq sistemində bu, mövcud olan bir məsələdir.
Sonda bir məsələni də qeyd etmək istərdim. Bu yaxınlarda cənab Prezident həm Almaniyada keçirilən Təhlükəsizlik Konfransında, həm də sonra verdiyi müsahibələrdə birbaşa Xocalı soyqırımına toxunub və buradakı cinayətkarların hamısı haqqında fikirlərini söyləyərkən çox gözəl fikir ifadə edib. Hesab edirəm ki, bu fikri dəstəkləyərək həmin ölkələrə bir daha Milli Məclis adından müraciət göndərməliyik. Cənab Prezident öz müsahibəsində qeyd edib ki, Xocalı soyqırımının törədilməsinin səbəblərindən biri də orada yaşayan insanların islama olan inancıdır. Bu insanları islam dininə mənsub olduğuna görə qırdılar. Əfsuslar olsun ki, bəzi islam ölkələri Ermənistanla çox isti münasibətlər qurmağa cəhd göstərirlər. Əgər bir tərəfdən onları islama görə qırırlarsa, digər tərəfdən o ölkələr belə münasibət bəsləyirsə, bizim bəyanatda həmin ölkələrə də bilavasitə müraciət olunmalı və bu məsələlərə toxunulmalıdır.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Cənab Sədr, hörmətli həmkarlar! Tarixdən bəllidir ki, faciələrin ildönümü və yubileyi olmur. Soyqırımları qarşısında dərs olur, hesabat olur. Mənim aləmimdə bizim Xocalı hadisələrindən çıxardığımız birinci dərs ondan ibarətdir ki, tarixdə formasiyalar dəyişəndə biz ərazilər itirmişik. Deyildiyi kimi, iki yüz il ərzində bolşeviklər gəlib, – ondan əvvəlki dövrə qayıtmıram, – onda da itirmişik, bolşeviklərin hakimiyyəti dağılıb, onda da itirmişik. Birinci dərsimiz ondan ibarətdir ki, böyük tarixi proseslərdə səhv eləmək olmaz.
İkincisi, hüquqi cəhətdən, siyasi cəhətdən, mənəvi cəhətdən təşkilatlanma dinc dövrdə olmalıdır, sülh dövründə olmalıdır, millətin gücü bundadır. Çox təəssüf ki, biz faciələrdən sonra təşkilatlanmağa başlamışıq. Faciələr sanki bizi hüquqşünas, siyasətçi eləyib və sair. Gərək belə olmazdı, amma təəssüf ki, tarix belədir.
Üçüncüsü, bizim Xocalı ilə bağlı apardığımız dövləti prosesin, mübarizənin başlıca məqsədi torpaqlarımızı geri qaytarmaqdır. Doğrudur, orada şəhid edilən, həyatını itirən insanların qisasını almaq, ruhları qarşısında iş görmək, onları sakitləşdirmək böyük vəzifədir, amma torpağı unutmalı deyilik. Çünki Xocalı qədər Qarabağın işğalını özündə əks etdirən ikinci böyük faciəmiz yoxdur. Belə olan halda bizim əsas niyyətimiz bu qərarlarla, aktlarla, mübarizə ilə torpaqlarımıza qayıtmaqdır.
Dördüncüsü, Ermənistanın dövlət ideologiyası soyqırımıdır. Bu onlar üçün yaşam tərzidir, dövlətlərarası münasibətlərin mühüm bir platformasıdır, guya o siyasətdir, həmçinin də biznesdir. Belə olan təqdirdə biz düşünməliyik. Bu, əslində, yaxşıdırmı? Xeyr. Ona görə də düşünürəm ki, soyqırımlarla öyünmək olmaz, bu, əslində, məğlubiyyət hadisəsidir.
Beşinci dərsimiz ondan ibarətdir ki, biz ermənilərin yolu ilə gedə bilmərik. Mənim aləmimdə erməniləşmək, ermənilər kimi düşünmək və ermənilər kimi soyqırımı mühitində yaşamaq ən böyük dərddir, bu, Xocalıdan da böyük dərddir. Ona görə də Azərbaycanın öz milli yolu olmalıdır.
Altıncı dərsimiz. Biz ermənilərə kömək etməliyik ki, onlar soyqırımı mühitindən çıxa bilməsinlər. Əslində, soyqırımı nədir? Ətrafda hüzndür, matəm abhavasıdır, tarixin qanlı səhifələri ilə yaşamaqdır və sair. Bu, normal millətlər üçün səfərbərlik hadisəsi deyil. Əgər ermənilər bununla yaşamaq istəyirlərsə, biz onlara kömək etməliyik ki, o atmosferdən çıxmasınlar.
Yeddincisi, bizə qələbə lazımdır, milli həyatımızın, varlığımızın, genetikamızın əsasında qələbə dayanır, məğlubiyyət deyil. Baxın, Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbiri Türkiyə nəhayət ki, özü etdi. Oraya qatılan beynəlxalq təşkilatların təmsilçilərinə də baxın, İrəvana gələnlərə də baxın. Azərbaycanda da uğurlu hadisənin qeyd edilməsinə daha çox insan gəlir. Ona görə də biz bu milləti uğur və qələbəyə yönləndirməliyik.
Səkkizinci dərsimiz. Öz işini görməyən, bəzən millətin cibinə girən adamların soyqırımı aksiyasında iştirak etməklə, bu prosesə qoşulmaqla öz cinayət əməllərini pərdələdiyini görmüşük. İki il bundan əvvəl, məsələn, Eldar Mahmudov digər generallarla birgə bu məsələ ilə bağlı tədbirlər keçirirdi. Yəni 26 fevralda, 27 fevralda bu adamlar millətə qəsb edirdilər. Deməli, belədir, sən millətin qarşısında öz vəzifələrini yerinə yetirəndə avtomatik antixocalı, antisoyqırımı mübarizəsində iştirak etmiş olursan. Ona görə də bizim çıxardığımız dərs ondan ibarətdir ki, hər kəs öz işini görəndə bu millətin həyatına fayda verir.
Doqquzuncu dərsimiz. Bu hadisələr üzərindən bizi o vaxtkı Rusiyanın hərbi imkanları ilə toqquşdurublar. Lakin bizi bu hadisələrə görə yenidən Rusiya ilə toqquşdurmaq olmaz. Bizim çıxaracağımız ən böyük dərslərdən biri ondan ibarətdir ki, bugünkü müasir Ukrayna 1990-cı illərin Azərbaycanına çox oxşayır. Baxın, eyni millətçilər, eyni şüarlar, eyni mübarizə texnologiyası. Buna yol vermək olmaz.
Onuncu dərsimiz. Soyqırımı, əslində, bir millət kimi məhv olmaq qorxusudur. Biz öz işlərimizi görəcəyiksə, yəni şagird dərsini yaxşı oxuyacaqsa, müəllim öz dərsini yaxşı verəcəksə, həkim yaxşı müalicə edəcəksə, hər bir işimiz normal səviyyədə gedəcəksə, bizi yer üzündən silmək mümkün olmayacaq. Bizim davamız o 297 nəfər cani ilə deyil, bizim davamız Ermənistan dövləti ilədir. Ona görə də 26 fevralda biz qələbə qazanmalıyıq ki...
Sədrlik edən. Dərsi dedin, dedin, axıra çatdıra bilmədin. Vahid Əhmədov.
V.Əhmədov. Hörmətli millət vəkilləri, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Bu gün qanlı faciədən 25 il ötür. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı iki yüz il ərzində millətçi erməni şovinistlərinin davamlı olaraq etnik təmizləməsinə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.
1948–1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür–Araz bölgəsində yerləşdirilmişdir. 1988-ci ildə də öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazilərdən qovulmuş, bununla da Ermənistan monoton dövlətə çevrilmişdir. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının dənizdən dənizə Ermənistan adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdləri kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəmiş, bu yolda ağlasığmaz cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirmişdir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XX əsrdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılmasını tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. 1994-cü il 24 fevral tarixli qərara əsasən Milli Məclis 26 fevralı Xocalı soyqırımı günü elan etmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişləndirilmişdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə, Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımının beynəlxalq birlik tərəfindən tanınmasına nail olunması üçün ölkədən kənarda təbliğat tədbirlərinin aparılması işini gücləndirməliyik. Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün görülən tədbirləri davam etdirməli, beynəlxalq məhkəmələrdə müzakirələrə nail olmalıdırlar.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan hakimiyyəti, Azərbaycanın Milli Məclisi, qeyri-hökumət təşkilatları çox böyük işlər görmüş və görməkdə davam edirlər. Lakin Ermənistan dövləti və onun havadarları bunu anlamır və anlamaq istəmirlər. Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan ordusunun güclənməsinə, müasir silahlarla təmin edilməsinə çox böyük diqqət yetirir. Torpaqlarımızın azad olunması məhz gücümüzün varlığından keçir. Millət olaraq torpaqlarımızı azad etmək bizim borcumuzdur. Millətimizin qısa zamanda bu yolun sülh və ya müharibə yolu ilə həll olunacağını görməsini arzu edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva buyursun.
J.Əliyeva. Təşəkkür edirəm. Xocalı faciəsi ilə bizi 25 illik bir tarix ayırır. Bu bizim, əlbəttə ki, əbədi dərdimiz, əbədi yaramızdır. Əlbəttə, heç birimiz bu günü heç bir zaman unutmayacağıq. Bu gün qarşımızda dayanan ən əsas məsələ Xocalı faciəsinə dünya birliyi tərəfindən soyqırımı kimi hüquqi qiymət verilməsinə nail olmaqdır. Hamımıza məlumdur ki, 1994-cü ildə ulu öndər tərəfindən bu əməl ilk dəfə soyqırımı olaraq qiymətləndirilib və tanınıb. 1993-cü ildən sonra aparılan siyasətin məntiqi nəticəsi idi ki, elə həmin illərdə Amerika Birləşmiş Ştatları konqresi rəsmi olaraq ilk dəfə Xocalı soyqırımını tanımağa çağırış etdi. Amerika Birləşmiş Ştatları konqresində İndiana ştatının təmsilçisi, beynəlxalq münasibətlər komitəsinin üzvü, konqresmen Den Berton nümayəndələr palatasında çıxış edərkən konqresi Xocalı soyqırımını tanımağa çağıraraq bildirmişdi ki, ABŞ konqresi Xocalı soyqırımını tanımaqla beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı uzun illərdən bəri sürən sükut buzunu qıracaq. Konqresmen çıxışında elə həmin dövrdə ABŞ hökumətinin yüksək rəsmisinin “Newsweek” jurnalında dərc etdirdiyi fikirlərə də istinad edərək deyib: “Şahidi olduq ki, ermənilər Azərbaycan ərazisində ələ keçirdikləri hər bir kəndi dağıtmağı qarşılarına məqsəd qoyublar. Bu, barbarlıqdır”.
Bu gün Azərbaycanın apardığı beynəlxalq təbliğat nəticəsində artıq bütün dünya Xocalıda baş verənlərdən xəbərdardır. Əlbəttə, ən böyük təbliğat və tədbirlər planı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bu son dövrlərdə, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Xocalı faciəsinin bir soyqırımı hadisəsi olaraq tanınmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya şükranlarımız sonsuzdur. Məhz onların rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı dərdlərindən, Xocalı hadisələrindən artıq dünyanın böyük bir hissəsi xəbərdardır və sevindiricidir ki, bu həlqə getdikcə böyüyür.
Bir az əvvəl hörmətli Siyavuş müəllim də qeyd etdi, çox qəribədir ki, ermənilərin özləri belə Xocalıda soyqırımı törətdiklərini təsdiq edirlər. Nə qədər ağır, acı və dəhşətli olsa da, indi deyəcəklərim faktdır, həm də yaddaşımıza birdəfəlik həkk etməli olduğumuz acı faktdır. İnterpolun axtarışında olan Zori Balayan yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Mən onun başından, sinəsindən və qarnından dərisini soydum, saata baxdım. Türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirirdim”. Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı faktlarını öz əsərində fəxrlə sadalayan Zori Balayan hər bir erməninin bu hərəkətdən qürur duymalı olduğunu yazır. Qeyd etmək istəyirəm ki, – hər halda hər birimizə də məlumdur, – Xocalıda ermənilərin soyqırımını gerçəkləşdirdiklərini, insanlığa qarşı görünməmiş cinayət törətdiklərini təsdiq edən bu fikirlər Zori Balayanın 1996-cı ildə dərc etdirdiyi “Ruhumuzun canlanması” adlı kitabının 260–262-ci səhifələrində yer alıb.
Dəyərli həmkarlarım, yəqin ki, burada artıq heç bir şərhə, izaha ehtiyac yoxdur. Yetər ki, bu acı həqiqəti, bu acı gerçəyi, nəhayət, bütün dünya, xüsusilə dünyaya demokratiya dərsi öyrədənlər birmənalı olaraq eşitmək, görmək istəsinlər və qiymətini versinlər. Mən çıxışımı möhtərəm Prezidentimiz İlham Əliyevin ifadəsi ilə bitirmək istəyirəm: “XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi, bəşəri cinayəti törədənlər isə gec-tez həm ədalət, həm də elə bəşəriyyət, insanlıq qarşısında cavab verəcəklər”.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun, hörmətli Sədr. Biz Xocalı faciəsini, soyqırımını müzakirə edirik. Bizdən əvvəl Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun dediyi kimi, bəli, dəfələrlə biz bunu müzakirə etmişik, bəyanatlar, qərarlar qəbul etmişik. Bizim bu səpkidə çoxlu çıxışlarımız olsa da, qəbul etdiyimiz qərarlar havada qalır. Məndən əvvəl də bu fikir deyildi, bəlkə də dünyanın hüquq mühafizə orqanları bu məsələyə ikili standartlarla yanaşırlar. Əlbəttə, Azərbaycan həqiqətləri əvvəl-axır qələbə çalacaq, bunu sübut etməyə ehtiyac yoxdur. Qanlı dərə, bilirsiniz, həm Qusarın Alpan kəndində olub, həm də Laçın ərazisində olub. Mən bunu hələ Sabir Əsədovun kitabından, habelə Əyyub Abbasovun “Zəngəzur” tarixi romanından oxumuşam ki, bəli, ermənilər, daha doğrusu, rus-erməni birləşmələri tarix boyu, hörmətli Sədr, Sizin qeyd etdiyiniz kimi, iki yüz il bəlkə də azdır, üç yüz il bundan əvvəl həmişə Azərbaycan ərazilərində erməni dövlətinin qurulmasına və ermənilərin İrandan, Türkiyədən köçürülməsinə çalışıblar. Bu, aydın məsələdir, ancaq o fikir burada səslənmədi.
Azərbaycanın vəsaiti ilə tikilmiş Sərsəng su anbarı 27 ildir təmir olunmur, amma burada mənim deputat həmkarım Fazil müəllim dəfələrlə qeyd edib ki, 400 min insanın taleyi təhlükə altındadır. Bu Sərsəng su anbarının tikilib başa çatdırılması üçün nə qədər vəsait xərcləmişik, bu öz yerində, amma bilirik ki, bunun qəzaya uğraması Azərbaycan əhalisinin fəlakətidir. Nə məqsəd üçün tikmişik, əlbəttə, o da bəllidir. Ancaq ondan istifadə edə bilmirik, 27 ildir artezian quyuları vururuq və həmin quyuların suyunu, yeraltı qurunt sularını torpaqlara veririk və bu yolla torpaqların becərilməsinə nail oluruq.
Amma köçürülmə siyasəti olubdur. Bir nəfər desin ki, misal üçün, İmişlidə, Saatlıda, Sabirabadda, Əli Bayramlıda, o ilan mələyən yerlərdə erməni kəndləri salınıbdır. Hamısı gümüşü bulaqların, büllur çayların üstündə məskunlaşıbdır. Köçürülmə siyasəti tarix boyu belə olubdur. Ona görə də mən, əlbəttə, bilirəm ki, bunu sübut etməyə ehtiyac yoxdur və məqam düşdükcə ermənilərin yarısı Hitlerə, yarısı da Stalinə işləyibdir. Beləliklə də öz siyasətlərini yerinə yetiriblər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim güclü ordumuz var, güclənirik və bunu bu yaxınlarda aprel döyüşlərində sübut etdik. Biz torpaqlarımızı azad etməyə və köçkünlərimizi oraya qaytarmağa qadirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün biz matəm içindəyik, bu gün biz Xocalı sakinləri ilə birgə fevralın 25-dən 26-na keçən o gecəni təkrarən yaşayırıq, Xocalı qurbanlarının xatirəsini hüznlə yad edirik, qatillərin layiqli cəza almasını tələb edirik. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Milli Məclisin qərar layihəsindən göründüyü kimi, Xocalı soyqırımı xalqımıza qarşı törədilən ilk qətliam deyil. 1918-ci ildən başlayaraq 1988–1993-cü illərə kimi erməni faşistləri tərəfindən 1,5 milyon nəfər azərbaycanlı Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan qovulub. Tarixi Azərbaycan torpaqlarında 100 minlərlə insan milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Hələ biz ələ keçirilmiş ərazilərdə tarixi və mədəni irsimizin vəhşicəsinə dağıdılmasını və yerlə yeksan edilməsini demirik. Bir neçə gündən sonra Sankt-Peterburqda milli mədəni irsin qorunması haqqında konvensiya müzakirə edilərkən biz bu barədə ətraflı deyəcəyik. Hesab edirəm ki, bizə təqdim edilən qərar layihəsində Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının məruz qaldığı fəlakətlər haqqında kifayət qədər dolğun və hərtərəfli məlumat verilib. Mən bu qərar layihəsini dəstəkləyirəm.
Eyni zamanda, vurğulamaq istərdim ki, belə faciələri bir daha yaşamamaq üçün hamılıqla daha səmərəli iş aparmalıyıq. Bu qərarda Milli Məclisin deputatlarına bir vəzifə olaraq konkret tapşırıqlar da verilir. Mən müvafiq qərarın 2-ci bəndini çox yüksək qiymətləndirirəm. Çünki bizə qarşı yüz ildən artıq yeridilən soyqırımı siyasətinin dünyaya çatdırılması biz deputatlar üçün prioritet vəzifələrdən biridir. Nəzərə almaq lazımdır ki, biz təbliğatımızı cəmi 20 il əvvəl başlamışıq. Bu qısa müddət ərzində erməni ideoloqlarının yüz ildə etdiyindən heç də az iş görməmişik. Yeri gəlmişkən, bu günlərdə biz Azərbaycan–Lüksemburq parlamentlərarası işçi qrupunun adından Xocalı hadisəsini soyqırımı kimi tanıyan dövlətlərin siyahısını Lüksemburq Böyük Hersoqluq parlamentinin sədri Mars Di Bartolomeoya çatdırmışıq. Xocalı barədə ona geniş məlumat vermişik və müzakirəyə çıxarmasını xahiş etmişik. Ümid edirik ki, bu istiqamətdə işlərimiz öz müsbət nəticəsini verəcək.
Bu günlərdə bir çox ölkələrdə qətlə yetirilmiş soydaşlarımızla bağlı matəm tədbirləri keçirilir, yeni məqalələr, filmlər, dəyərli kitablar işıq üzü görür. Bu istiqamətdə Heydər Əliyev Fondunun, xüsusilə Leyla xanım Əliyevanın gördüyü işlər, Azərbaycan–Avropa cəmiyyətinin çoxsaylı layihələri, qeyri-hökumət təşkilatlarının layihələri xüsusilə önəmlidir. Özü də maraqlıdır ki, bu tədbirlər cavan nəsil üçün daha cəlbedici üsul və vasitələrlə aparılır. Mən bir neçə dəfə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlərdə iştirak etmişəm. Hətta “Erməni ziyalısının etirafları” adlı bir kitabın ideya müəllifi kimi Moskvada onun təqdimatını keçirmişəm. Hər dəfə bu kampaniyanın əks-sədasının necə geniş olmasının şahidi olmuşam. Təklif edərdim ki, Xocalı qətliamında əli olan cinayətkarların cəzalandırılması üçün daha səmərəli iş aparılsın. Baş verən qırğınlarla bağlı toplanan sənədlər beynəlxalq məhkəmələrə göndərilməlidir. İnanıram ki, qanlı hadisələrin günahkarları məhkəmə qarşısında duracaq və törətdikləri əməllərə görə cavab verəcəklər. Əminəm ki, Azərbaycan hökuməti bu cinayətkarların həbs olunaraq ölkəmizə ekstradisiya olunması iqtidarındadır.
Axırda bir təklif vermək istərdim, mən bunu bir dəfə də etmişəm. İstərdim ki, nəinki Xocalı, həmçinin XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilmiş bütün qanlı olaylarda həyatlarını itirənlərin xatirəsinə Bakıda soyqırımı muzeyi yaradılsın. Bu hadisələr barədə ətraflı məlumatlar, ölənlərin adları, bioqrafiyaları, ailələri haqqında bilgilər bu muzeydə toplansın. Bu qurbanların xatirəsini əbədiləşdirmək üçün xatirə kitabı dərc olunsun. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xocalı soyqırımı düz 25 il bundan əvvəl törədilib. Amma elə bil bu gün törədilmiş təzə bir acıdır, hər bir azərbaycanlının qəlbini sızladır. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıdır, eyni zamanda, insanlığa qarşı törədilmiş böyük bir cinayətdir, vəhşilikdir. Bu hadisə bir neçə ölkənin terror təşkilatı ilə əvvəlcədən birlikdə planlaşdırılmışdı. Əsas məqsədlərdən biri həm soyqırımı törətmək, ikincisi isə Azərbaycan xalqını öz ərazi bütövlüyünü bərpa etmək davasında mənəvi qırılma nöqtəsinə gətirmək idi. Ancaq düşünürəm ki, ermənilər buna nail ola bilmədilər. Çünki hər bir millətin milli gücü qiymətləndirilərkən iki komponentdə qiymətləndirilir. Onlardan biri milli gücün cəmiyyət ünsürləri, ikincisi isə keyfiyyət ünsürləridir. Əgər bir millət öz davasında milli-mənəvi qırılma nöqtəsinə çatmayıbsa, o millət yaşayır.
Azərbaycan xalqının dövlətçiliyinin beş min il tarixi var. Beş min ildə heç bir düşmən bizim milli əzmimizi, milli mənəviyyatımızı qıra bilməyib. Ona görə də bu gün varıq. Mən düşünürəm ki, ermənilər də buna nail ola bilmədilər və bilməyəcəklər. Əgər onlar öz məqsədlərinə nail olsaydılar, Azərbaycan xalqı Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov kimi oğulları yetişdirə bilməzdi. Bir neçə ölkənin hərbi birləşmələri və cinayətkar terror təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının ürəyində yaratmaq istədikləri xofu, qorxunu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov təkbaşına erməni xalqının ürəyində yaratdı. Amma fərq onda idi ki, Azərbaycanın adını çəkdiyim bu qəhrəmanları dinc xalqa qarşı mübarizə aparmırdı, onları öldürmürdü. Məhz Azərbaycan torpağını işğal edən əsgərləri öldürürdü. Bizim torpaqlarımıza girib Azərbaycanın ərazi bütövlüyünü pozan faşistlər öldürürdü. Düşünürəm ki, məsələnin əhəmiyyətli tərəfi budur.
Ali Baş Komandanımızın həyata keçirdiyi bu siyasət sayəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri, eyni zamanda, Xocalının yenidən inşa olunmasının şahidləri olacaqlar. Cocuq Mərcanlıya qayıtdığımız kimi, oradakı quruculuq işlərini həyata keçirdiyimiz kimi, Xocalıda da o işləri görəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media təmsilçiləri! 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş vəhşilik, soyqırımı təkcə ümummill deyil, həm də düşünürəm ki, bəşəri bir cinayətdir. Çox təəssüf edirəm ki, beynəlxalq aləm buna indiyə qədər əsl hüquqi-siyasi qiymətini verməyibdir. Azərbaycanda 1994-cü ildə ulu öndərimiz hakimiyyətə gələndən sonra bu məsələ tezliklə aktuallaşdı, Milli Məclisin gündəliyinə çıxarıldı və biz 4 dəfə Xocalı soyqırımı ilə bağlı müvafiq sənədləri müzakirə edib, qəbul etdik.
1998-ci ildə yenə də ulu öndərimizin Azərbaycanda soyqırımı haqqında imzalamış olduğu fərmanda da bu qəbildən olan ədalətsizliklər, soyqırımları konkret faktlarla öz ifadəsini tapdı. Ermənistanın işğalçılıq siyasətinin müdafiə olunması, əslində, Minsk qrupunun həmsədrləri üçün sanki bir dövlət siyasətinə çevrilibdir. Dünyada bütün soyqırımları pisləyən, lənətləyən, bununla bağlı müvafiq iradəsini ortaya qoyan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları hələ də tarixi fakta söykənən Xocalı soyqırımına lazımi hüquqi-siyasi qiymət verməyib. Bu, bütövlükdə Azərbaycana, tarixə, soyqırıma məruz qalmış dəyərli soydaşlarımızın ruhuna ən böyük biganəlikdir. Azərbaycan dövlət olaraq əlindən gələni edir. Milli Məclis də öz üzərinə düşən vəzifəni yerinə yetirir. Millət vəkilləri müxtəlif səviyyəli görüşlərdə, toplantılarda, səfərlərdə bu soyqırımını hər zaman önə çəkirlər. Lakin bu məsələ irəli getmir. Ona görə mən də burada deyilənləri tamamilə bu baxımdan müdafiə edirəm ki, bu məsələ beynəlxalq səviyyəyə qalxmalıdır. Günahkar olan 39 nəfərdən bu gün bir nəfərinin də həbs olunmaması bizdə çox ağır təəssüf hissi doğurur.
Bütövlükdə Azərbaycana qarşı ermənilərin soyqırımı üç əsrdən bəri davam edir. Təkcə bizim soydaşlarımız deyil, Azərbaycanın tarixi də, torpaqları da, mədəniyyəti də üç yüz ildir ki, soyqırıma məruz qalır. Bunu ermənilər və onları himayə edən dövlətlər həyata keçirməkdə davam edirlər. Ona görə də mən dəfələrlə demiş olduğum fikri bu gün də təsdiqləyirəm ki, biz bir xalq olaraq dövlətimizlə, Prezidentimizlə bərabər bu problemi, nəhayət, həll etmək üçün bütün iradəmizi ortalığa qoymalıyıq.
Hörmətli Sədr, burada Ziyafət müəllimin çıxışı, təbii ki, xoş təsir bağışladı. Çünki burada bütün faktlar peşəkar səviyyədə bizə təqdim olundu. Eyni zamanda, qərar layihəsi də lazımi səviyyədə hazırlanıb. Lakin mənim 1–2 əlavəm var. Birinci, qərarın 1-ci səhifəsində Qarabağ ərazisində soyqırımına məruz qalan kəndlərin adları çəkilir. Lakin Kəlbəcər rayonunda Xocalı qədər soyqırımına məruz olan Ağdaban kəndinin adı çəkilmir. Ağdaban kəndində 30-dan yuxarı insan öldürüldü, əhalisinin xeyli hissəsi yaralandı, demək olar ki, kənd az qala yer üzündən silindi. Ulu sənətkarımız aşıq Şəmşirin bütün əlyazmaları məhv edildi, qəbiristanlıqlar yerlə yeksan olundu, tarixi abidələr dağıdıldı. Eyni zamanda, Qazax rayonunun Barxudarlı, Sofulu, Bağanis Ayrım kəndləri də eyni dərəcədə soyqırımına məruz qalıb. Mən istərdim ki, bu qərar layihəsində həmin kəndlərin də adları çəkilsin.
4-cü səhifədə 1918-ci ilin mart–aprel aylarında hansı soyqırımlarının törədildiyi göstərilir. Mən oraya əlavə edib deyərdim ki, Naxçıvanda, Qubada, Muğanda və Zəngəzurda, Lənkəranda ermənilər on minlərlə azərbaycanlını qətlə yetiriblər. Yəni əlli min deyil, bunun miqdarı iki yüz, üç yüz min, bəlkə də yarım milyondan çoxdur. Mən arzulayardım ki, bu, qərar layihəsində öz əksini tapsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Hörmətli Sədr, əziz həmkarlarım, dəyərli mətbuat nümayəndələri! Milli Məclisin Xocalıya həsr edilmiş bugünkü iclası siyasi və mənəvi dəyərləri özündə birləşdirən bir iclasdır. Xocalı soyqırımı ilə bağlı həqiqətləri bütün dünyaya bəyan etmək nöqteyi-nəzərindən bu, eyni zamanda, Xocalıda günahsız qurban gedən insanların xatirəsinin yad edilməsi kimi də başa düşülməlidir. Ziyafət müəllimin etdiyi məruzədə dövlətimizin bu sahədə apardığı siyasətə bir ekskursiya edildi, tariximizə bir nəzər salındı, soyqırımı siyasətinin mahiyyətini əsaslandırmaq üçün kifayət qədər faktlara müraciət edildi. Parlamentin bu sahədəki fəaliyyəti faktlar və rəqəmlərlə gündəmə gətirildi.
İndi bizim bu məsələdə mövqeyimiz və vəzifəmiz nədən ibarətdir? Söhbət parlament üzvlərindən getmir. Söhbət hər bir Azərbaycan insanının dövlətin bu sahədə apardığı siyasətə hansı töhfəni, dəstəyi verə biləcəyindən gedir. Məlumdur ki, bizdə Ermənistanla informasiya müharibəsi gedir. Bu müharibədə bizim bəzən hiss etmədiyimiz incə məqamlara yanaşmamızda müəyyən redaktə lazımdır. Biz ermənilərlə bağlı danışan zaman erməni vahiməsi deyil, erməni obrazı yaratmalıyıq. 613 adamın ölümünü reallaşdıran bir insanın ayrı-ayrı səhnələr vasitəsi ilə vəhşi obrazını yaratmağa ehtiyac duyulmur. Artıq o 613 adam dünyasını dəyişib.
Mən bu yaxınlarda bir filmə baxdım. Bu filmdə bir erməninin qıçlarına sarılaraq imdad istəyən bir Azərbaycan qadınının obrazını gördüm. Yanlış yanaşmadır. Axı, bizim kifayət qədər qürur duymağa layiq əməlləri olan insanlarımız var. Hər birimizə məlumdur, Xocalıda körpəsini ürəyinin başına sıxıb, qurban verməyə hazır olan bir ana obrazımız var. Tanrı ona qıymadı. O nəyi qoruyurdu? Azərbaycan namusunu, Azərbaycan qeyrətini. Bax, Azərbaycan xalqının belə obrazları var. Yaxud 1918-ci il hadisələrindən danışan zaman Qubada baş vermiş bir anı nəzərinizə çatdırmaq istərdim, Yevda müəllim. Mənsəb ayrılığına görə insanları üz-üzə düzürlər, bunların dini rəhbərləri olan müftiyə və axunda silah verilir və deyilir ki, siz hansınız qırsanız, o biri tərəfə rəhm ediləcək. Nə baş versə yaxşıdır? Din adamı o gülləni ona silah verən insanın köksünə sıxır. Bax, belə obrazlar var. Bunları yaratmaq lazımdır. Erməninin yenə deyirəm, obrazını yaratmaq üçün Azərbaycan tərəfini qətiyyən yazıq bir obraz kimi göstərmək olmaz. Mən çox yazılarda bunu hiss edirəm. Güman edirəm, bu, yanlış yanaşmadır.
İkinci, biz Xocalı ilə bağlı danışanda bir sual meydana çıxır, bu hadisə yenə təkrar oluna bilərmi? Biz tam məsuliyyətlə deyə bilərik ki, Xocalı Azərbaycan xalqının tarixində soyqırımı siyasətinin sonuncu dayanacağıdır. Mən “sonuncu dayanacaq” sözlərini təsadüfən işlətmirəm, çünki artıq irəli getmək mümkün deyil. Qüdrətli Azərbaycan dövləti var, qüdrətli Azərbaycan xalqı var. Mən sözümü Üzeyir Hacıbəyovun 1919-cu ildə yazdığı məqalədəki bir fikirlə bitirmək istəyirəm. Deyir: “Bizim vəzifəmiz o qara günləri yaddan çıxarmamaq, bunun üçün hər dəqiqə, hər an hazır olmaqdır. Bizim borcumuz bu məmləkəti şərəflə yaşatmaq və hər cür təcavüzdən qorumaqdır”. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yaxşı bir söz dediniz, erməni obrazı. Mən keçən dəfə də demişdim, erməni obrazının ən böyük tərifini Veliçko öz kitabında Puşkinin sözləri ilə verib: “Ты труÑ, Ñ‚Ñ‹ вор, Ñ‚Ñ‹ армÑнин”. O ki qaldı bu məsələlərə, bizdə bir misal da var: “arxalı köpək qurd basar”. Düzdür, çətinlikdə olmuşuq. Ancaq indi Azərbaycan, Azərbaycan xalqı Prezidentimizin dəstəyi ilə, apardığı siyasətlə artıq özü özünə arxadır. Biz yavaş-yavaş bunun şahidi oluruq. Əmin olaq ki, artıq ağlaşma obrazı yaradılmayacaq. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən öz çıxışıma Xocalı soyqırımı qurbanlarını rəhmətlə anaraq başlamaq istəyirəm. Vurğulamaq istəyirəm ki, ölkəmizin birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun, Leyla xanımın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının və Milli Məclisin səyləri ilə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində kifayət qədər böyük işlər görülür. Burada vurğulandığı kimi, hər bir ölkəyə ayrıca müraciət çox vacibdir. Mən hesab edirəm, hər bir türk dövlətinə ayrıca müraciət etməliyik ki, Xocalıda insanlar məhz türk olduqları üçün bu soyqırımına məruz qalıblar. Bununla bağlı ermənilərin etiraflarını da o müraciətlərdə yazıb göndərməliyik. Hər bir müsəlman ölkəsinə ayrıca müraciət yazmalıyıq ki, bu insanlar türk və müsəlman olduqları üçün qətlə yetiriliblər. Erməni jurnalist David Xeyriyanın “Xaç naminə” kitabı da daxil olmaqla ermənilərin bu istiqamətdə etiraflarını da yazıb, müraciətlərlə birgə həmin ölkələrə göndərməliyik. Hər bir xristian ölkəsinə ayrıca müraciət edərək göstərməliyik ki, işğalçı Ermənistan bu dəhşətli soyqırımını törədəndə xristian dininin adından istifadə etməklə bu dinə zərər gətirib. Ona görə də həmin ölkələr bu yanaşmalarda bu məsələyə diqqət ayırmalıdırlar.
Mən bir neçə təkliflə çıxış etmək istəyirəm. Hər zaman Şəhidlər Xiyabanını dövlət protokolu ilə ölkəyə gələn qonaqlar ziyarət edir. Yaxşı olardı ki, Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı bir abidə və ya lövhə olsun. İkincisi, Elmira xanım burada vurğuladı, soyqırımı muzeyinin yaradılması vacibdir. Mən bu təklifi dəstəkləməklə bərabər Bakı Şəhər İcra Hakimiyyətinə bir çağırış etmək istəyirəm ki, Şəhidlər Xiyabanında kiçik bir informasiya mərkəzinin olması vacibdir. Çünki ölkəmizə gələn müxtəlif qonaqlar istəyir rəsmi gəlsin, istəyirsə də qeyri-rəsmi, bunlar məlumatlanmaq istəyirlər.
Şəhidlər Xiyabanı ölkəmizin mərkəzində yerləşir və orada müxtəlif dillərdə, ən əsası, daha çox yayılmış dillərdə bələdçilərin və materialların olması yaxşı olardı ki, gələn insanlar buranı ziyarət edərkən daha geniş məlumat ala bilsinlər. Bu, çox önəmlidir, kimlərsə maraqlanırsa, o dillərdə məlumat verilsin, materiallar təqdim olunsun. İnanıram ki, bu addım atılarsa, ölkəmizə gələn qonaqlara Xocalı soyqırımı, Xocalı ilə bərabər Qaradağlı, Ağdaban, Bağanis Ayrım soyqırımları ilə bağlı daha geniş məlumat verə bilərik.
Mən Fəzail müəllimin sənəddə Qaradağlı, Bağanis Ayrım və Ağdaban soyqırımlarının da öz əksini tapmasının vacibliyi ilə bağlı təkliflərini dəstəkləyirəm. Çünk məhz Qarabağı bəhanə edən ermənilər ilk soyqırımlarını Qazax istiqamətində Bağanis Ayrımda başlamışdılar ki, bunu da dünyaya daha çox duyurmağımız gərəkdir.
Eyni zamanda, mən iki məsələni də vurğulamaq istərdim. Sosial media dünyanın hər yerində var. Bütün ölkələrin millət vəkillərinin, nazirlərin, beynəlxalq təşkilatların sosial mediada hesabları var. Bizim gənclərimiz sosial medianın imkanlarından daha çox yararlanaraq həqiqətlərimizi müxtəlif ölkələrdə duyurmaqla bərabər, sosial medianın ən çox müzakirə olunan mövzuları içərisində ön sıraya gətirməlidirlər. Bu məsələyə xüsusi diqqət yetirməliyik. Çünki həqiqətlərin yayılmasında sosial medianın çox böyük gücü var. Mən inanıram ki, qeyri-hökumət təşkilatlarımız adından bütün beynəlxalq qeyri-hökumət təşkilatlarına, bu kimi qurumlara geniş şəkildə müraciət ediləcək.
Eyni zamanda, dünyanın müxtəlif ölkələrində gənclərimiz təhsil alırlar. Təşkilatlarımız var, materialların yayılmasında onların fəallığının bir az da artırılmasını istəyirik. Biz bu istiqamətdə daha çox qalıcı işlər ilə təbliğatımızı artırmalıyıq. Bu abidələrin müxtəlif ölkələrdə qoyulması çox vacibdir. Türkiyədə Boluda Xarı Bülbülə ilk abidə qoyulub. Biz onun açılışından gəlirik, bu kimi addımlar müsbətdir. Amma ən əsası odur ki, biz Xocalı soyqırımı ilə bağlı bütün dünyada duyula biləcək bir bədii filmin çəkilməsinə nail olmalıyıq. Yəhudilər bunu ən təsirli şəkildə “Pianoçu” filmi ilə duyura bilmişdilər. Filmin o böyük gücündən, məncə, bu istiqamətdə istifadə etməliyik. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Flora Qasımova.
F.Qasımova. Çox sağ olun, Ziyafət müəllim. Mən çalışacağam, deyilənləri təkrar eləməyim. Həqiqətən, Xocalı soyqırımı tarixin ən qanlı səhifəsi, qaysaq bağlamayan bir yarasıdır. Lakin Xocalı soyqırımı, eyni zamanda, erməni xalqının da üzərində qara ləkə kimi daima onları izləyəcək bir hadisədir. Bir əsrdə 4 dəfə azərbaycanlılar etnik təmizləməyə, deportasiyaya, soyqırımına məruz qalıblar. Əlbəttə, bunların hamısı, demək olar ki, Azərbaycanın hansısa bir imperiyadan, sovetin dövründən asılı olduğu bir vaxtda olmuşdur. Lakin artıq biz müstəqil və öz taleyimizi həll eləməyi bacaran bir dövlətik. Çox sevinirik ki, Azərbaycan bu illər ərzində güclü bir dövlət səviyyəsinə yüksəlmişdir, dünyada söz sahibi olan bir dövlətdir və Azərbaycanın ordusu regionda ən güclü ordudur. Biz inanırıq ki, bunun sayəsində öz torpaqlarımıza qayıdacağıq. Bu illər ərzində, demək olar ki, Qərbi Azərbaycandan və ermənilərin işğal etdikləri hazırkı torpaqlardan bütün azərbaycanlılar qovulmuş, etnik təmizləməyə, soyqırımına məruz qalmışdılar.
Lakin bu gün bizi düşündürən bir məsələ var. Bu münaqişənin həll nəyə görə bu qədər uzanır? İyirmi ildən artıqdır ki, ATƏT-in Minsk qrupu sülh danışıqları aparır. Bəzən hər hansı bir dövlətin, yaxud siyasi xadimin bu problemlə bağlı dediyi sözə təəccüb edirsən. Qarabağla bağlı nə soruşurlarsa, deyirlər ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Amma görək ATƏT-in Minsk qrupunun fəaliyyəti bu illər ərzində nədən ibarət oldu? Düzdür, bu illər ərzində Azərbaycan güclü ordu yarada, dünyada nüfuz qazana bildi. Amma bu illər ərzində ermənilər öz işğalçılıq siyasətindən əl çəkmədilər, Azərbaycan torpaqlarında, demək olar ki, milli tarixi-mədəni abidələrimizin dağıdılması ilə məşğul oldular. Azərbaycanın işğal altında olan rayonlarının, kəndlərinin adlarını dəyişdirməklə məşğul oldular. Azərbaycanın təbii sərvətlərini taladılar və nəhayət, son referendumda Dağlıq Qarabağ Respublikasının adını “Arsax” adlandırmaqla bu cinayətlərinin yönünü başqa istiqamətə yönləndirmək istədilər ki, “Qarabağ” sözü burada işlədilməsin. Çox təəssüf edirəm ki, biz bu sülh danışıqlarını gör kimlərə həvalə elədik. Bəlkə də bu bizim məqsədimizdən, arzumuzdan kənar oldu.
Bir vaxtlar Dağlıq Qarabağda başlayan bu torpaq iddiasını, Ermənistanın başladığı bu münaqişəni dəstəkləyənlərdən biri elə Amerika, Rusiya olmadımı? O vaxt dağıdılan bizim torpaqlar, şəhərlər, kəndlər oldu. Qovulanlar azərbaycanlılar oldu. Ermənistanda bir nəfər azərbaycanlı qalmamışdır. İndiyə kimi də Dağlıq Qarabağda separatçı qüvvələrə hər il Amerika dövləti yardım göstərmirmi? Ya da Rusiya bu illər ərzində silahları ilə ermənilərin daha rahat şəkildə işğalçılığını davam etdirməsinə kömək eləmirmi? Bayaq Ziyafət müəllim bir misal çəkdi. Amma biz, deyəsən, qoyunu qurda tapşırmışıq. Biz ATƏT-in Minsk qrupundan soruşmalıyıq ki, əgər ermənilər, doğrudan da, sülh istəyirlərsə, əgər onların iddiaları təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinədirsə, bəs onda nəyə görə heç vaxt ermənilərin yaşamadığı Azərbaycan rayonlarında adlar dəyişilir? Orada qeyri-qanuni məskunlaşdırma aparılır? Biz tələb edirik ki...
Sədrlik edən. Buyurun, Flora xanım, davam edin.
F.Qasımova. Əgər sülh danışıqlarına getmək istəyiriksə, Ermənistan ordusunu Azərbaycan torpaqlarından çıxarmalıdır. Amma elə bil, bizə acıq vermək məqsədi ilə bu gün Azərbaycan torpaqlarında hərbçilər üçün evlər tikilir. Sarkisyanın azğın bəyanatları məcbur edir ki, biz hərb yolunu seçək. Onun dediyi bir söz, həqiqətən, bizi düşündürür. Deyir ki, Azərbaycanda 1990-cı illərdə hərbi nazirlər dəyişilirdi və hər dəfə də onlar deyirdilər ki, biz Xankəndində çay içəcəyik. Amma onlar heç Kəlbəcərə baxa bilmirlər. Biz bütün bunlardan nəticə çıxarmalıyıq. Biz bu erməni məsələsini gələcək nəslə qoya bilmərik, haqqımız yoxdur. Bizim babalarımız bu əziyyəti çəkiblər, bu cinayətin qurbanı olublar. İndiki nəslimiz də həmçinin. İndi biz istəyirik ki, gələcək uşaqlarımız da belə olsunlar? Hələ onlar şərt də qoyurlar ki, biz orada nə isə bir respublika tanıyaq, ya nə edək. Biz, nəhayət, bir millət olaraq ayağa qalxa bilsək və hər birimiz torpağı namus məsələsi bilsək, tezliklə o torpaqlara qayıda biləcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Flora xanım. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli media mənsubları! İlk öncə, Ziyafət müəllim, Sizə minnətdaram ki, məruzənizdə bütün faktlar ətraflı sadalandı. Həqiqətən də, Xocalı faciəsi çox ağır bir faciədir. Ən önəmli məqam da ondan ibarətdir ki, tarixin çox müxtəlif mərhələlərində bu günə qədər baş verən soyqırımlarının heç birini təkcə insan tələfatı etibarilə demirəm, həm də mahiyyət etibarilə Xocalı soyqırımı ilə müqayisə etmək olmaz. Düzdür, bütün qətllərin, qətliamların, soyqırımlarının hədəfi insan ölümü, etnik, irqi və ya dini təmizləmədir. Amma dünyanın heç bir yerində ölən insanla bu cür rəftar eləməyiblər. Ölmüş insanı yenidən yandırmayıblar, başını kəsməyiblər, gözünü oymayıblar, torpağa basdırmayıblar. 11–12 yaşında körpə uşaqlara təcavüz eləməyiblər. Bu dünyanın heç bir yerində görünməyən bir şeydir.
Mən bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Ümumiyyətlə, biz hər zaman Xocalını, təbii ki, önə çəkirik, çünki ən çox maddi sübutlar, faktlar, videolentlər Xocalı ilə bağlıdır. Amma ermənilər bir tək Xocalıda deyil, bütün işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vandalizm törədiblər. Təxminən bir həftə öncə bir kəlbəcərli köçkün ailə ilə görüşdüm. Açığı, ilk dəfə idi ki, bu faktı dinləyirdim. Deməli, müharibənin ən qızğın vaxtında helikopterlər gəlib qadınları və uşaqları götürüblər ki, sizi mühasirədən çıxartmaq istəyirik. Sonradan məlum olub ki, bunlar erməni hərbçiləri imiş və həmin əsirlərin taleyindən bu günə qədər heç bir xəbər yoxdur. Heç şübhə eləmirəm ki, bu cür erməni cinayətləri davamlı olub. Yəqin hamınızın xəbəri var ki, o vaxt Xocavənddə bir Azərbaycan əsgərinin 5 uşağını həmin əsgər erməni bayrağını öpmədiyinə görə vəhşiliklə qətlə yetirdilər. Həqiqətən, bunların hərəkətlərini izah eləməkdə çətinlik çəkirəm.
Ümumiyyətlə, bu gün beynəlxalq hüquqla da bağlı bəzi ziddiyyətlər var, bunu hamımız bilirik. BMT-nin qətnamələri icra olunmur, ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan tərəfini qane eləmir. Erməni lobbisi və onun tərəfdarları bunu soyqırımı kimi deyil, məhz kütləvi qırğın kimi göstərməyə çalışırlar. Çünki hüquqşünaslar yaxşı bilirlər ki, bunların beynəlxalq hüquqda, belə deyək, ayrıca rolu var. Status gətirirlər ki, əvvəl törədilmiş cinayətlərə bunu aid eləmək olmaz. Amma Azərbaycan tərəfi, Azərbaycan hüquqşünasları ortaya ciddi dəlillər qoyurlar ki, əslində, müharibə bitməyib, davam edir və cinayətlərin törədilməsi də hələ davam edir. Bu təfsilatlara varmayacağam, çünki Xocalı soyqırımının müzakirələrində bu detallara toxunuldu. Xüsusən vitse-spiker Bahar xanım Muradovaya və Azərbaycan parlamentinin şöbə müdiri Nizami Səfərova bu sahədəki xüsusi fəaliyyətlərindən dolayı təşəkkür eləmək istəyirəm. Ermənilər və onların tərəfdaşları ümid edirlər ki, illər ötəcək və biz artıq bir unutqanlıq nəticəsində bu faciəyə daha az diqqət göstərəcəyik. Amma aprel döyüşləri sübut elədi ki, Azərbaycan tərəfi nəinki bu məsələni unuda bilər, hətta Qarabağla bağlı öz haqqını daha artıq səviyyədə tələb edəcək. Əgər erməni tərəfi türklərə qarşı ünvanlanmış saxta soyqırımı iddialarından imtina eləmirsə, biz, təbii, bir azərbaycanlı, bir türk olaraq öz haqqımızdan, öz həqiqətlərimizdən heç imtina eləməyəcəyik.
Mən bir məqama vurğu çəkim. Biz çox dəyərli dostlarımızla İstanbuldan bir neçə saat bundan öncə döndük, orada universitetlərdə çox maraqlı tədbirlərimiz oldu. Millət vəkilləri, bələdiyyə başqanları, digər çox dəyərli insanlar qatıldılar və mən bu parlamentdən onlara xüsusi təşəkkürümü bildirmək istəyirəm. Heç şübhə eləmirəm ki, Azərbaycan Prezidentinin uğurlu siyasəti və Azərbaycan xalqının əzmi nəticəsində mütləq bu intiqam alınacaq. Çünki bədəl ödətmə haqqını bir azərbaycanlı və Azərbaycan dövləti olaraq, həqiqətən də, özümüzə saxlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Şübhəsiz, Xocalı soyqırımını bir xalqın, millətin başına gətirilən dəhşətli bir qırğın kimi qəbul edə bilmərik. Xocalı soyqırımı bəşəriyyətə, insanlığa qarşı işlənmiş ən dəhşətli cinayətlərdən biridir. Bunun tarixdə izi qalmış digər soyqırımlarından heç bir fərqi yoxdur. Ona görə də, bu gün Azərbaycan dövlətinin Xocalı soyqırımını tanıtmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görmüş olduğu işlərdə başlıca məqsəd kimi məhz bu məqamın üzə çıxması tamamilə təbiidir. Bu gün beynəlxalq ictimaiyyət, xüsusilə də düzgün ictimai rəy Xocalıda azərbaycanlıların başına gətirilən dəhşətli cinayətlərə biganə qalmamalıdır. Burada da qeyd olunduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda baş verən qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görür. Eləcə də, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam pislənilir.
Hörmətli millət vəkilləri, bu ümumxalq işinə hər kəs bacardığı qədər dəstək verməyə borcludur. Bu, hər birimizin vətəndaşlıq borcu, dövlətimiz və xalqımız qarşısında məsuliyyət məsələsidir. Bu işdə diaspor təşkilatlarının daha da fəallaşması olduqca vacibdir. Çünki məhz diaspor təşkilatlarının fəallığı, onların yaşadıqları cəmiyyətlərdə apardıqları təkmil, ardıcıl təbliğat işləri Xocalı soyqırımının, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş masştabda tanıdılmasında mühüm əhəmiyyətə malikdir. Əlbəttə, Xocalı soyqırımının dünyaya çatdırılması və bu qətliamın törədilməsində iştirak edən canilər layiqli cəzalarını alana qədər Azərbaycanın haqq mübarizəsi davam edəcək və şübhə yoxdur ki, bu işdə günahı olanlar bir gün cinayətlərinə görə mütləq şəkildə cavab verməli olacaqlar.
Fevralın 7-də Azərbaycan dövlətinin qanunlarını, ərazi bütövlüyünü və beynəlxalq hüququ pozmuş Aleksandr Lapşinin ekstradisiya olunması bir daha Azərbaycan dövlətinin qətiyyətini göstərdi. İnanıram ki, Xocalı soyqırımını törədən canilərin də ədalət qarşısında cavab verəcəyi gün elə də uzaqda deyil. Bir məsələni də qeyd etmək istərdim. Bu gün müxtəlif dövlət və qeyri-dövlət təşkilatları tərəfindən Xocalı soyqırımına aid çoxlu sayda kitablar yazılır. Bunların bəziləri xarici dillərə tərcümə olunaraq yayılır.
Sədrlik edən. Vaxtınız bitdi, Sahibə xanım?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mənə dedilər, vaxtınız bitdi. Zeynəb xanım söz istəyir. Zeynəb Xanlarova, buyurun.
Z.Xanlarova. Neçə illərdir ki, bu Məclisdə hamı çıxış eləyir. Bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşidirik. Əgər mənim torpağım alınıbsa, mən niyə dayanmalıyam? Bu qədər şəhidlər verilir. Deyim sizə, elə o ildən bu tərəfə gör nə qədər şəhidlərimiz olub. Elə birdəfəlik müharibə edək, onlar da qırılsın. Bizimkilər onsuz da qırılır. Mən bunu demək istəyirəm ki, danışıqlar mənə çatmır. Belə danışıq kimə gedib çatır? Heç kim onsuz da qulaq asmır. Qulaq asan da yoxdur, bu işlərə baxan da yoxdur. Mənim fikrimcə, elə müharibə edək. Müharibə eləyək, torpaqlarımızı alaq. Biz onların torpağını almırıq ki, öz torpağımızı alırıq da. Torpağımızı almaq üçün niyə biz müharibə eləməyək? Onsuz da 25 ildə gör nə qədər cavanlarımız qırılıb. Nə qədər şəhidlər vermişik. Elə birdəfəlik ya ölək, ya qalaq. Budur. Mən nə ATƏT-ə qulaq asıram, nə də filankəsə qulaq asıram, mənim torpağım alınıb da. Mənim evimə giriblər də, mən onların torpağını almamışam, evlərinə girməmişəm. Mən eləməliyəm müharibəni, baxmayaraq ki, mən ömrü boyu sülh tərəfdarı olmuşam, həmişə sülh tərəfdarıyam.
Mən 25–30 ildir, Milli Məclisdə oturmuşam, ancaq deyilir, deyilir, dəyirman isə öz işindədir. Birdəfəlik vuraq dəyirmanı bunların başına, getsin, torpağımızı alaq. Bilmirəm, siz bunu necə başa düşürsünüzsə düşün, mən deyərdim, hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Nə qədər insan qırılar, balalar ölər, nə qədər gözü yaşlı analar olar? İnanın, hər şəhid olanda elə bilirəm, mənim balalarım ölür, çünki onlar balalarımdır. Xocalıda uşaqları az qırıblar? Hər baxanda ağlamağım gəlir, nə vaxta kimi dözməliyik, kimi gözləyirik? Onsuz da onlar müsəlmanın düşmənidirlər. Misal üçün, mənim hər şeyə gücüm çatar, müharibə eləməyə də gücüm çatar, kim nə deyə bilər mənə? Mən öz torpağım uğrunda vuruşuram, niyə onlardan xahiş eləməliyəm ki, icazə verin, bizim torpağımızı bizə versinlər. Bu nə icazədir? Alıb, mən də gedirəm, torpağımı müharibə ilə alıram, mən belə hesab edirəm. Mənim öz fikrim budur, nə qədər Xocalı haqqında eşitmək olar. Xocalı gedib, Xocalını dala qaytarmaq lazımdır. Mən bilmirəm, bəlkə mənim fikrimi başqa cür başa düşürsünüz, mənim ürəyimdən gələn budur. Əgər mənim evimə basqın eləyiblərsə, mən buna öz münasibətimi göstərməliyəm. Gözləyim ki, kimsə icazə versin, mən də azad edim, niyə, nədən ötrü, az qırılıb? Mən həmişə özümlə kasetlərimin, disklərimin yerinə onları aparırdım, səhnəyə çıxmamışdan əvvəl paylayırdılar. Nə qədər gözləmək olar? 25 ildir, yenə də gözləyək? Bəlkə 50 il də gözləyək. Almaq lazımdır, vuruşmaq lazımdır. Vəssəlam, qurtardıq.
Sədrlik edən. Sağ olun, Zeynəb xanım. Bahar xanım, buyurun.
B.Muradova. Sağ olun, Ziyafət müəllim. Mən bu yaxınlarda mətbuatda informasiyaya rast gəldim. Siz bilirsiniz ki, qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə Ermənistan və Azərbaycan cəmiyyətlərində tanınmış adamların, ictimai xadimlərin iştirakı ilə bir sülh platforması yaradılıb. Azərbaycana səfər etmiş, burada yaşamağı üstün tutmuş ermənilər nəinki qonşularına, hətta öz vətəndaşlarına qarşı soyqırımı siyasəti yeridən Ermənistanın siyasi rəsmilərinə etiraz olaraq Azərbaycanda yaşamağı seçiblər və bizim mətbuat orqanlarında fəaliyyət göstərirlər və çox da yaxşı yazılar yazırlar, Ermənistandakı ilkin mənbələrdən məlumatlar alırlar və dünya ictimaiyyətinə çatdırırlar. Əgər adındakı sülh missiyasını sona qədər yerinə yetirmək əzmində olsalar, hesab edirəm ki, bu layihə yaxşı bir layihədir. Gün keçdikcə Rusiya cəmiyyətindən, Ermənistan cəmiyyətindən, beynəlxalq cəmiyyətlərdən və bizim Azərbaycan cəmiyyətindən bu sıraya yeni-yeni adlar daxil olur.
Mən bu yaxınlarda eşitdim ki, Zeynəb xanım, Siz də o sülh platformasına qoşulmusunuz. Mən Sizi alqışlayıram. Çünki hər iki ölkədə söz sahibi və öz mövqeyi olan insanların belə platformalara qoşulması təqdirəlayiqdir. Cəmiyyətləri bir-birinə yaxınlaşdırmaq, ədalətin bərpasından keçərək sülhə təşviq etmək, əlbəttə, yaxşı bir layihədir, mən Sizi alqışlayıram. Siz buradasınız, indi də söyləyirsiniz ki, gedək, müharibə ilə alaq. O sülhün içərisində bunun da yerini görürəm, Siz doğru deyirsiniz, amma, əlbəttə ki, müharibə etmək, sülh istəmək, onu necə həyata keçirmək, necə istəmək, bütün bunlar adamların dünyagörüşləri, həyata baxışları ilə qəlblərindən gələn şəkildə ifadə oluna bilər. Amma bir qayda olaraq, siyasət siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Biz, əlbəttə, müxtəlif məsələlər barədə çox danışa bilərik, fikirlərimizi ortaya qoya bilərik, amma bu barədə qərar vermək Ali Baş Komandanın işidir. Ali Baş Komandan da bu qərarı o zaman verir ki, əmin olur ki, Lələ təpəni alacaq, əmin olur ki, Cocuq Mərcanlıda bu gün tikinti getməlidir və əmin olur ki, beynəlxalq mühit bizim bu addımımızı qəbul etməyə hazırdır və bizə maneçilik törətməyəcək. Ona görə də gəlin, nə xalqımızın, millətimizin, torpağımızın işğal olunması ilə bağlı keçirdiyi hissiyyatı şübhə altına alaq, nə də bu vəzifəni daşıyan yüksək rəsmilərin qərar vermələrinin hansısa tərəflərin rəyindən asılı olması fikrini formalaşdıraq.
Azərbaycan Prezidenti bu günlərdə Münxen Təhlükəsizlik Konfransında bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoydu və Minsk qrupunun həmsədrlərinə, həmin ölkələrə, Zeynəb xanım, Sizin kimi açıq münasibətini ortaya qoydu, dünyanın kabinetlərdə bölüşdürülməsi faktının olduğunu çəkinmədən vurğuladı və orada dünyanı təhdid edən təhlükələrlə bağlı mövqeyini bildirənlərin içərisində nə qədər yüksək səviyyəli bir siyasətçi və qətiyyətli bir lider olduğunu göstərdi. Ona görə də mən əminəm, Siz də əmin olun ki, Azərbaycan Prezidenti sülh danışıqlarını aparmaqla yanaşı, ölkəmizi hərbə və hərbi yolla ərazimizin alınmasına da hazırlayır. Onu da, bizim hamımızı da narahat edir ki, hər gün bizim övladlarımız, igid oğullarımız həyatlarını itirirlər. Amma bunu da unutmayaq ki, burada səsləndi, Mübariz kimi, Çingiz kimi igid oğullarımız qat-qat artıq qurbanları Ermənistana yaşadır. Ona görə də, gəlin, özümüzdən bədgüman olmayaq.
Bu gün Xocalı həqiqətləri barədə, Qaradağlı həqiqətləri barədə, digər bizim problemlərimiz barədə danışmaq lazımdır. Həm ölkə içində danışmaq lazımdır, həm də ölkə xaricində danışmaq lazımdır. Əks təqdirdə beynəlxalq ictimaiyyət tərəfindən və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən bir-birinin ardınca qərarlar qəbul olunmazdı. Biz burada əyləşmişik, həmin gün baş vermiş hadisə ilə bağlı danışırıq, öz fikirlərimizi ifadə edirik. Biz o torpaqları qaytardıq, qaytarmadıq, yenə danışacağıq, çünki bunu unutmaq olmaz. O torpağa qayıdandan sonra da danışacağıq. Bu vəhşilikləri vurğulayacağıq. Zahid Oruc yaxşı dedi, Ermənistan və erməni siyasətçilərinin bu obrazını ölməyə qoymaq lazım deyil. Ona görə də hesab edirəm ki, zamanında hansı addımları atmaq lazımdırsa, onu siyasətlə və danışıqlarla möhkəmləndirmək lazımdır. Qəbul olunan sənədlərlə diplomatik şəkildə bünövrəsini möhkəmləndirmək lazımdır.
Burada xəbər gəldi ki, Amerikanın 23-cü ştatı da bu qərarı qəbul eləyib. Şotlandiya da bu günlərdə qərarı qəbul elədi. Bu proses getdikcə artan miqyasla gedir, ona görə, mən əminəm ki, Azərbaycan dövlətinin bu məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlamaq siyasəti doğrudur. Biz də ölkə içərisində millət vəkilləri olaraq, siyasətçilər olaraq, ictimai xadimlər olaraq, nəhayət, bütün Azərbaycan xalqı olaraq, bu siyasəti möhkəmləndirmək üçün öz töhfəmizi verməliyik. Mən hesab edirəm ki, fevralın 25-dən 26-na keçən gecə baş verən hadisə insanlığa utancdır, bəşəriyyətə utancdır. Bu utancın altından ermənilər imza etməyə razı olublarsa, vay onların halına. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən çıxışıma Bahar xanımın o fikri ilə başlamaq istəyirəm ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, insanlığa qarşı ermənilər tərəfindən XX əsrdə törədilmiş ən dəhşətli bir cinayətdir, ən dəhşətli vandalizmdir və bəşəriyyət indiyə qədər Xocalı faciəsinə niyə lazımi qiymətini verməyib, bu da bəşəriyyətin özünün faciəsidir. Xocalı faciəsi ermənilərin son iki yüz ildə Qafqaza məskunlaşdıqdan sonra əvvəl Rusiya imperiyasının, sonra da həmin imperiyapərəst qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarında özlərinə yer elədikdən və “Ermənistan” adlı dövlət yaratdıqdan sonra, addım-addım bizim torpaqlarımızı qəsb etmək siyasətinin tərkib hissəsi və ağır nəticəsidir.
XX əsrdə ermənilər tərəfindən Qərbi Azərbaycanda, eləcə də Azərbaycanın digər bölgələrində altı yüz minə yaxın azərbaycanlı müxtəlif dövrlərdə qətlə yetirilib. İki milyon azərbaycanlı indi “Ermənistan” adlanan dövlətdən, əslində, etnik Azərbaycan torpaqlarından deportasiya olunub. 2100 yaşayış məntəqəsinin adı dəyişdirilib və boşaldılıb. Xocalı faciəsi təbii ki, bu faciələrin, bu dəhşətlərin, bu etnik təmizləmə aktlarının ən dəhşətlisidir. Vaxtilə ümummilli lider Heydər Əliyevin, cənab Prezidentin, bizim Milli Məclisin, Heydər Əliyev Fondunun, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyəti, heç şübhəsiz ki, məqsədyönlü bir siyasətdir və bu siyasətin nəticəsində dünyanın müxtəlif beynəlxalq təşkilatları, müxtəlif ölkələr, parlamentlər, qeyri-hökumət təşkilatları Xocalı faciəsinə öz qiymətlərini veriblər. Bugünkü müzakirəmiz də, bu müzakirə nəticəsində qəbul olunacaq qərar da heç şübhəsiz ki, bu siyasətin davamı və töhfəsi olacaqdır.
Qərarla bağlı bir fikrimi söyləmək istəyirəm, hörmətli Ziyafət müəllim. Bu qərarın üçüncü bəndində hüquq mühafizə orqanlarına tapşırırıq ki, bundan sonra da Xocalı cinayətini törədənlərin araşdırılması, tapılması və ədalət məhkəməsinə cəlb olunması ilə bağlı fəaliyyətlərini artırsınlar. Konkret göstəriş vermək lazımdır. Burada Türkiyənin təcrübəsi var. II Dünya müharibəsindən sonrakı dövrdə Rusiya kəşfiyyatının təcrübəsi var, bizim Milli Təhlükəsizlik Xidməti var. O xidmətin başında qəhrəman bir adam dayanır. Konkret tapşırıq vermək lazımdır ki, bizim kəşfiyyatçlar getsinlər, dünyanın müxtəlif ölkələrində onları tutsunlar, ya orada zərərsizləşdirsinlər, ya da ədalət məhkəməsinə təhvil versinlər. Yoxsa dünyanın çox vecinədir ki, biz burada qərar qəbul edəcəyik və onlara tövsiyə verəcəyik. Özümüz eləməsək, bunu heç kim eləməyəcək.
Xocalı ilə bağlı başqa bir təklifim ondan ibarətdir ki, Qənirə xanım da bunu dedi, kinofilmlər çəkməliyik və bunu dünyaya yaymalıyıq. Belə hadisələri kino qədər ümumiləşdirən və ictimailəşdirən ikinci forma yoxdur. Bu kinoları həm də erməni dilinə tərcümə eləyib internet saytlarında yerləşdirməliyik. Müxtəlif missiya ilə Azərbaycana gələn qonaqları bütövlükdə protokola salmaq olmaz, amma bəzilərinin protokol çərçivəsində Xocalıya aid “Ana harayı” abidəsinə aparılmasını, mən hesab edirəm, təşkil etmək lazımdır. Respublika Hərbi Prokurorluğunun nəzdində Soyqırımı muzeyi təşkil olunub. Gələn qonaqlarımızı, gənclərimizi o Soyqırımı muzeyinə aparmalıyıq. Xocalının unudulmaması və qisasının alınması üçün nə lazımdırsa, etməliyik. Azərbaycan güclü və qüdrətli dövlətdir. Burada hörmətli Zeynəb xanımın da müharibə çağırışı səsləndi. Cənab Prezident bilir, nəyi nə vaxt etmək lazımdır. Şükürlər olsun ki, fevraldan sonra aprel gəlir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M.Kazımov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məruzə və çıxışlarda qeyd edildiyi kimi, 25 il öncə biz Azərbaycanın müasir tarixində sivil dünyanın gözü qarşısında ən faciəvi hadisəni, Xocalı soyqırımını yaşadıq. Xocalı şəhərinin 613 dinc sakini, o cümlədən 106 qadın, 63 uşaq, 8 ailə bütövlüklə milli mənsubiyyətinə, azərbaycanlı olduğuna görə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, yüzlərlə vətəndaşımız itkin düşdü. Bu, XX əsrin sonunda bəşər tarixində baş vermiş faciə, soyqırımıdır. Bu faciəyə kimi Dağlıq Qarabağ ərazisində azərbaycanlıların yaşadığı 15-ə yaxın kəndin işğalı zamanı əhalinin bir hissəsi xüsusi amansızlıqla qətlə yetirildi, yaşayış məntəqələri dağıdılaraq yandırıldı.
Son iki əsrdə ermənilər tarixi Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı terror, kütləvi qırğın, deportasiya, etnik təmizləmə kimi cinayətlər törədiblər. Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılması üçün dövlət səviyyəsində 26 ildir ki, məqsədyönlü və sistemli iş aparılır. Leyla xanımın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində xaricdə fəaliyyət göstərən səfirliklərimiz, diaspora qurumlarımız, ictimai təşkilatlarımız, sıravi vətəndaşlarımız səmərəli fəaliyyət göstərirlər. Bunun nəticəsində saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunur. Dünya ictimaiyyəti artıq Xocalı həqiqətlərini qəbul edir. Beynəlxalq təşkilatlar, bir çox ölkələrin parlamentləri, parlament qurumları bu cinayətin soyqırımı aktı kimi tanınması barədə qərarlar qəbul ediblər. Bütün bunlarla yanaşı, hesab edirəm ki, Xocalı faciəsi ilə bağlı aparılan təbliğat işləri daim olmalıdır. Əsas hədəf ermənilərin bizə qarşı iş apardığı ölkələr, xalqlar olmalıdır. Digər xalqlar bu soyqırımı haqqında daha çox məlumat almalıdırlar. Bunun üçün müasir texnologiya vasitələrindən maksimum istifadə etməliyik.
Zəmanəmiz internet sürətli informasiya texnologiyaları zəmanəsidir. Bu texnologiyalardan istifadə etmək bacarığı olan hər bir vətəndaşımız, xüsusilə gənclərimiz, onların təsis etdikləri təşkilatlar özlərinə borc bilməlidirlər ki, Xocalı soyqırımı, Qarabağ həqiqətləri barədə məlumatları, erməni yalanlarının cavablarını internetdə yerləşdirsinlər. Saytlar yaratsınlar, beynəlxalq təşkilatlara, dünyanın aparıcı siyasətçilərinə, dövlət xadimlərinə müraciət etsinlər. Biz hamılıqla, həm deputatlar, hökumət strukturları, ictimai qurumlar, həm də Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar bu istiqamətdə aparılan işləri gücləndirməliyik. Xocalı soyqırımını dünyada tanıtmaq üçün onu daim gündəmdə saxlamalıyıq. Başa düşməliyik ki, dünyanın bir çox dairələri özlərini karlığa və korluğa vurur, həqiqəti görmək istəmirlər. Lakin əmin olsunlar ki, bir gün gələcək, bu karlıq və korluq onların özlərnə qarşı çevriləcəkdir. Bu baxımdan dost ölkələrin sayı ilbəil artır, biz onları bu işdə bizə yardımçı olmağa cəlb etməliyik.
Çıxışımın yekununda bir təklifimi də səsləndirmək istəyirəm. Bəzi həmkarlarım tərəfindən deyildi. Bu gün üçün bunu hələ zamanı yetişməyən təklif kimi də qiymətləndirmək olar. Məlum olduğu kimi, Xocalı soyqırımını törədən şəxslər dünən və bu gün Ermənistana rəhbərlik edənlərdir. Bu cinayəti törətdiklərini onlar dolayısı ilə etiraf ediblər. Azərbaycan qanunvericiliyinə əsasən bu şəxslər bizim ölkənin de-yuro vətəndaşlarıdırlar, Azərbaycan ərazisində insanlıq əleyhinə törətdikləri qatı cinayət əməllərinə görə biz onları ilk addım olaraq İnterpol xətti ilə beynəlxalq axtarışa verməliyik. Hörmətli həmkarlar, biz hamımız əminik ki, Xocalı soyqırımını törədənlər gec-tez ədalət məhkəməsi, Beynəlxalq Tribunal...
Sədrlik edən. Sağ olun. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli həmkarlar, hesab edirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il fevralın 24-də keçirilən iclası tarixə düşəcək. 1994-cü il fevralın 24-də, 1995-ci il fevralın 24-də, 2007-ci il fevralın 27-də və 2012-ci il yenə də fevralın 24-də analoji iclaslar keçirilib və Azərbaycan Respublikasının Milli Məclisi dünya birliyinə, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı öz qərarını bildirib. Lakin budəfəki iclasın, budəfəki toplantının özəlliyi ondadır ki, bu, Xocalı soyqırımının məhz 25 illiyinə təsadüf edir və hesab edirəm ki, buna görə də böyük məna və əhəmiyyət kəsb edir. Mənim həmkarlarım Xocalı soyqırımı ilə bağlı çox ətraflı və geniş danışdılar. Mən də vaxtınızı çox almadan qərar layihəsi ilə bağlı həm texniki, həm də qeyri-texniki fikirlərimi sizinlə paylaşmaq istəyirəm.
Hörmətli Ziyafət müəllim, Sizin təqdim etdiyiniz bu qərar layihəsində qeyd olunur ki, Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Mənim təklifim var. Bizim bu qərar layihəsinin adı Xocalı soyqırımı ilə bağlıdır. Amma burada fikir versəniz, görərsiniz ki, azərbaycanlılara qarşı qəsbkarlıq birinci gəlir, sonra soyqırımı və etnik təmizləmə gəlir. Xahiş edirəm, mümkünsə, burada soyqırımı əvvələ gəlsin. Sonra, bunun adı qəsbkarlıq yox, təcavüz olsun. Çünki “qəsbkarlıq” ifadəsi o qədər də siyasi və hüquqi bir termin kimi səslənmir. Əvvəl təcavüz olsun, sonra etnik təmizləmə. Nəhayət, buraya “soyqırımı” ifadəsindən sonra “beynəlxalq terror əməli” ifadəsi də əlavə edilməlidir, çünki mən bu qərar layihəsinə baxdım, demək olar ki, “beynəlxalq terror əməlidir” ifadəsinə rast gəlmədim. Nəyə görə mən belə hesab edirəm? Ona görə belə hesab edirəm ki, bütün beynəlxalq terror hadisələri və əməlləri siyasi motivlidir və təqdim olunan qərar layihəsində də yazılıb ki, Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə həyata keçirilib. Zəbt etmək məqsəd siyasi motivlidir.
İndi beynəlxalq terrorizmdə məsələ necə qoyulur? Beynəlxalq terrorizmlə bağlı bütün konvensiyalarda qeyd olunur ki, beynəlxalq terrorizmin adi cinayətlərdən ən mühüm fərqi ondadır ki, bu aksiyada eyni vaxtda 4 tərəf iştirak edir. Birincisi onun təşkilatçılarıdır, ikincisi onu icra edənlərdir, üçüncüsü qurbanlarıdır, dördüncüsü isə sağ qalmış insanlardır. Beynəlxalq terrorizmin bütün digər cinayətlərdən ən mühüm fərqi ondan ibarətdir ki, birincinin, yəni təşkilatçının, ikincinin, yəni icraçının birbaşa hədəfi öldürdükləri deyil, birbaşa hədəf sağ qalmış insanlardır. Yəni bu cinayəti nə qədər amansızlıq və qəddarlıqla həyata keçirsələr, sağ qalmışlar, yəni Xocalının ətrafındakı rayonlarda yaşayanlar, bu gün işğal altında olan 7 rayonun əhalisi başlarını götürüb qaçmağı yeganə çıxış yolu hesab edəcəklər ki, bu, faşizmdən də betərdir. Bunlar nə uşaq tanıyır, nə qoca tanıyır, nə qadın tanıyır, hamısını məhv edirlər. Bax bu, beynəlxalq terrorizmin xüsusiyyətidir. Ona görə də bu Xocalı soyqırımı, eyni zamanda, beynəlxalq terror əməlidir, çünki Xocalıda 613 nəfər amansızlıqla qətlə yetirildikdən sonra digər rayonlar avtomatik boşaldı. Yəni bir daha məlum oldu ki, bu, siyasi motivli və ilk növbədə torpaqlarımızın işğal olunması ilə bağlı həyata keçirilən çox qəddarcasına atılmış bir addımdır, bəşəriyyətə qarşı bir cinayətdir.
Mən də hörmətli həmkarlarımızın bu təkliflərinə dəstək verirəm. Amma sonunda onu söyləmək istəyirəm ki, bəzən bizim gənclər arasında az da olsa elələri tapılır ki, bu barədə məlumatsız olurlar. Bu günlərdə Lider televiziyasının keçirdiyi sorğuda biz acınacaqlı bir faktın şahidi olduq ki, bəzən Bakı şəhərinin küçələrində sorğu keçirilir, bəzi gənclərimiz 26 fevral nə günüdür, 26 fevralda nə baş verib sualına cavab verə bilmirlər. Yəni Xocalı soyqırımından sanki onların xəbəri yoxdur. Deməli, bu istiqamətdə təbliğat və təşviqat işini daha da gücləndirmək lazımdır. Bəziləri hesab edirlər ki, bu yalnız ölkə Prezidentinin, ölkənin Birinci vitse-prezidentinin işidir.
Sədrlik edən. Sağ olun. Şahin İsmayılov.
Ş.İsmayılov. Hörmətli Ziyafət müəllim, əziz həmkarlar! Məndən öncə çıxış edən həmkarlarımın fikirlərinə qatılaraq bildirmək istəyirəm ki, Xocalı faciəsi, həqiqətən də, XX əsrin ən böyük faciələrindən, soyqırımlarından biridir. Xocalı soyqırımının ən dəhşətli tərəfi ondan ibarətdir ki, biz hər il Xocalı faciəsi haqqında daha dəhşətli faktlarla tanış oluruq. Bu faciənin nə qədər araşdırılmasından asılı olmayaraq hər dəfə biz yeni-yeni erməni vəhşiliklərinin şahidi oluruq. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı həm aidiyyəti dövlət qurumu, həm də Heydər Əliyev Fondu kifayət qədər geniş fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədəki fəaliyyətin təbliğatının davam etdirilməsi, qeyri-hökumət təşkilatlarının növbəti prosesdə təbliğata aktiv qoşulması ilə bağlı işlərin gücləndirilməsi lazımdır. Təbii ki, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatları, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, habelə ayrı-ayrı nazirliklərin elan etdiyi qrant proqramları çərçivəsində Xocalı soyqırımının tanıdılması istiqamətində beynəlxalq aləmdə yeni səviyyədə bir sıra vacib işlər aparılır. Amma zaman sürətlə dəyişir və hər dövrün, zamanın özünə uyğun təbliğat materialları və vasitələri var.
Mən Xocalı soyqırımının bundan sonra da tanıdılması istiqamətində təkliflər vermək istərdim. Bu təbliğat vasitələri, düşünürəm ki, müasir dövrlə, zamanla uyğunlaşır. Birinci olaraq Azərbaycan tarixinin və Qarabağ münaqişəsinin, o cümlədən Xocalı soyqırımının araşdırılması, əcnəbi mütəxəssis və gənc alimlərin prosesə cəlb olunması ilə bağlı kiçik qrantların verilməsi məsələsini təklif etmək istərdim. Bu, beynəlxalq səviyyədə təcrübədə geniş istifadə olunan və bəhrə verən bir məsələdir. Hər hansı bir fond çərçivəsində belə qrantların ayrılması, düşünürəm ki, faciənin daha yaxşı tanıdılması istiqamətində töhfə verə bilər.
İkinci təklifim ondan ibarətdir ki, təhsil sahəsində Xocalı təqaüdü təsis olunsun, beynəlxalq təcrübədə bu da mövcuddur. Məsələ ondan ibarətdir ki, hər hansı bir dövlət öz mədəniyyətinin təbliğatı ilə bağlı müəyyən istiqamət təklif edir. Biz də bu təklif sayəsində Xocalı təqaüdü təsis edərək bu təqaüdün əcnəbi tələbələrə verilməsi ilə öz tarixi reallıqlarımızın və bu münaqişənin beynəlxalq istiqamətdə tanınmasına dəstək verə bilərik.
Üçüncü istiqamət. Virtual məkanda sosial şəbəkələr hazırda dünyada baş verən proseslərə bilavasitə təsir göstərə bilir. Biz virtual məkanda Xocalı ilə bağlı fəaliyyətimizi, düşünürəm ki, artırmalıyıq. Təbii ki, bu sahədə işlər gedir, kifayət qədər uğurlarımız var. Amma bununla yanaşı, həm vətəndaş cəmiyyəti çərçivəsində, həm də bəlkə virtual məkanda xüsusi olaraq Qarabağ məsələsi ilə bağlı bir platformanın yaradılması məsələsi yaxşı olardı. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, artıq belə bir məkan mövcuddur. Sadəcə olaraq, bunun imkanlarını genişləndirmək lazımdır. Bu, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq yaradılmış “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzidir. Mərkəz kifayət qədər fəaliyyət göstərib. Artıq yaxşı məhsulları da var. Bu məhsulların daha da genişləndirilməsi və mərkəzin fəaliyyətinə dəstək verilməsi, ümumilikdə, Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının tanıdılmasına böyük imkan yaratmış olardı. Dövr, məkan dəyişir, qeyd etdiyim kimi, cəbhədə müharibə getdiyi üçün hazırda hər birimiz bu müharibənin iştirakçılarıyıq. Sadəcə olaraq, müharibənin forması və imkanı dəyişibdir. Qeyri-hökumət təşkilatlarının, ümumiyyətlə, hər bir azərbaycanlının üzərinə soyqırımı məsələsinin tanıdılması düşür.
Bir məsələni qeyd etmək istəyirəm. Nəyə görə sözümü, əsasən, beynəlxalq qeyri-hökumət təşkilatlarının, o cümlədən fondların üzərində qururam? Qondarma erməni soyqırımının yüz illiyi münasibəti ilə Türkiyədə keçirilən tədbirə beynəlxalq erməni fondları tərəfindən xüsusi qrantlar, vəsaitlər ayrılırdı. Bu, təqribən 750 dollar civarında idi. Bu vəsaiti o adamlara verirdilər ki, həmin dövrdə, yəni 24 aprel ərəfəsində getsin, İstanbuldakı tədbirlərdə iştirak etsin və qondarma erməni soyqırımının tanıdılması prosesində yaxından iştirak etsin. Bu gün qeyri-hökumət təşkilatları, beynəlxalq qeyri-hökumət qurumları proseslərə bilavasitə təsir göstərdiyi üçün düşünürəm ki, bu sahədə biz işlərimizi daha yaxşı qurmalıyıq. Fürsətdən istifadə edib bir daha Xocalı şəhidlərinə, o cümlədən Qarabağda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına və Azərbaycan xalqına başsağlığı verirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, bir məsələni sizinlə məsləhətləşmək istəyirəm. Əgər etiraz etmirsinizsə, biz saat 3-ə qədər fasiləsiz işləyək, sonra yekunlaşdıraq. Etiraz etmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda davam edirik. Musa Qasımlı, buyurun.
M.Qasımlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bugünkü acı günümüzdə biz Milli Məclis Sədrinin birinci müavini hörmətli Ziyafət müəllimin çox dərin və məzmunca genişəhatəli məruzəsini dinlədik. Məruzə çox mükəmməl hazırlanmışdır. Eyni zamanda, bizə yaxşı hazırlanmış mükəmməl bir qərar layihəsi də təqdim edilib. Bəzi mülahizələrimi bildirmək istəyirəm. Hər bir faciə soyqırımı deyildir, amma hər bir soyqırımı faciədir. Xocalıda törədilən soyqırımı Ermənistanın dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi cinayətdir. Xocalıda törədilən soyqırımına biz coğrafi mənada məhdud qiymət verə bilmərik və bu özünü qərar layihəsində də aydın şəkildə göstərir.
Xocalıda xalqımıza qarşı törədilən soyqırımının ilk olmadığı məlumdur. 1905–1906-cı illər, Birinci dünya müharibəs illəri, sovet dövründəki deportasiyalar, 1988-ci ildən sonra millətimizin Ermənistandan, tarixi torpaqlarından qovularaq qaçqına, işğal olunmuş ərazilərimizdə isə məcburi köçkünə çevrilməsi və Ermənistanın hərbi təcavüzünün gedişində Xocalıda soyqırımının törədilməsi. Bu soyqırımı Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq hərbi təcavüz törətməsinin gedişində törədilib. Bu soyqırımlarının konkret məqsədi olub. O məqsəd də bundan ibarətdir ki, ərazilər boşaldılsın və tarixdə olmayan uydurma böyük Ermənistan yaradılsın.
Hörmətli Ziyafət müəllim, biz bugünkü günü anmaqla, eyni zamanda, bir ibrət məsələsinə də diqqət yetirməliyik. İbrət ondan ibarətdir ki, əgər o dövrdə dövlətimiz güclü olsa idi, dövlətlə xalq arasında birlik olsa idi, bu soyqırımı törədilməyə bilərdi. Biz bu günü anmaqla həm də bütün dünyaya onu göstərmək istəyirik ki, soyqırımları bəşəriyyətə qarşı cinayətdir və belə bir soyqırımı bir daha təkrar edilməməlidir. Təbiidir ki, biz öz təbliğatımızı artırmalıyıq. Bu istiqamətdə Heydər Əliyev Fondunun, xüsusən “Xocalıya ədalət!” kampaniyasının nəticələr verdiyini qeyd etmək istəyirəm. Bir də fikrimcə, biz Şəhidlər Xiyabanında bütün soyqırımı qurbanları üçün möhtəşəm bir abidənin ucaldılması və soyqırımı muzeyinin yaradılması barədə düşünməliyik. O, təkcə Xocalıda törədilən soyqırımının xatirəsini özündə əks etdirməməlidir, həm də bütün tarixi dövrlərdə millətimizə qarşı törədilən soyqırımlarını özündə əks etdirməlidir.
Hörmətli millət vəkilləri, mən cənab Prezidentimizin rəhbərliyi altında haqq işimizin qalib gələcəyinə, düşmən tapdağı altında olan torpaqlarımızın Ermənistanın işğalçı hərbi qüvvələrindən azad ediləcəyinə qəti şəkildə inanıram. Bundan ötrü bizim hər birimiz mütləq güclü şəkildə dövlətimizin yanında olmalı və milli məsələlərdə vahid bir qüvvə kimi çıxış etməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Musa müəllim. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlar, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər hüquqi baxımdan soyqırımı adlı cinayətdir. 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya, habelə milli hüquqda Cinayət Məcəlləsinin 103-cü maddəsinə tamamilə uyğundur. Bu hadisə hüquqi baxımdan soyqırımı olsa da, bir sıra qeyri-hüquqi məqamları da önə çəkdi və bunu bütün dünyaya bəyan etdi. Əvvəla, Xocalı soyqırımı göstərdi ki, XX əsrin sonlarında bəşəriyyət özünü mədəni, sivil, tərəqqipərvər adlandırdığı bir vaxtda insan cildində vəhşilər var imiş. Çünki ermənilərin Xocalıda törətdiklərinin başqa adı yoxdur. Xocalı soyqırımı göstərdi ki, əlverişli tarixi şərait olanda ermənilər mütləq şəkildə azərbaycanlılara, türklərə qarşı növbəti soyqırımı hadisəsini törədəcəklər. Xocalıda baş verən hadisələr iki yüz il ərzində baş verən hadisələrin növbəti bir mərhələsi idi. Ona görə Xocalı soyqırımının bütöv soyqırımı hadisəsi kimi deyil, iki yüz illik soyqırımı zəncirinin növbəti həlqəsi kimi öyrənilməsi daha düzgündür. Bundan başqa, Xocalı soyqırımı göstərdi ki, yüz illər keçsə də, nəsillər bir-birini əvəz etsə də, ermənilərin türklərə qarşı nifrəti nəinki azalmır, əksinə, vəhşiliyin daha müasir üsulları nümayiş etdirilir. Xocalıda baş verən hadisələr sübut etdi ki, ermənilər irsiyyət qanununun əsas məğzini, yəni vəhşidən vəhşi törəyər iddiasını təsdiqlədilər.
Əsas məqsədimiz bu soyqırımı hadisəsinin bütün dünyada tanıdılması, təbliğ olunması və gələcəkdə işğal altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir ki, bununla bağlı mən hörmətli Bahar xanımın mövqeyini tamamilə bölüşürəm. Çünki işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı xarici siyasət heç də diletant kütlə psixologiyasına və yaxud da bir sentimental vətənpərvərlik psixologiyasına əsaslana bilməz. Bununla bağlı Azərbaycanda çox səriştəli, peşəkar, balanslaşdırılmış bir xarici siyasət yürüdülür və inşallah, mən düşünürəm ki, onun uğurlu nəticələrini görməyimizə çox qalmayıb.
Yəqin hər kəs razılaşar ki, hər hansı bir məsələnin təbliğatında abidələrin, memorial komplekslərin rolu danılmazdır. Bu baxımdan mən də o fikirdəyəm ki, soyqırımına məruz qalan bir xalq olsaq da, əfsuslar olsun ki, soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş çox mükəmməl, möhtəşəm bir memorial kompleksimiz, abidəmiz yoxdur. Abidələrin protokol qaydasında ziyarət olunması ilə bağlı Azərbaycanda çox yaxşı bir təcrübə var. Azərbaycana qədəm qoyan xarici qonaqlar ulu öndərin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edirlər, bu çox yaxşı bir haldır. Amma Şəhidlər Xiyabanının ziyarəti zamanı sanki soyqırımı məsələsi bir az arxa plana çəkilir. Əslində, Azərbaycan soyqırımına məruz qalan və çox böyük itkilər verən bir ölkədir. Mən düşünürəm ki, Şəhidlər Xiyabanında soyqırımı qurbanlarının və şəhidlərinin xatirəsinə həsr olunmuş çox möhtəşəm bir memorial kompleks inşa etmək lazımdır. Bu sahə ilə bağlı respublikamızın çox yaxşı təcrübəsi var. Elə mühəndis qurğuları var ki, məsələn, Dövlət Bayrağı Meydanından tutmuş elə parlamentin yanındakı “Alov qüllələri”nə, habelə Heydər Əliyev Mərkəzinə qədər artıq respublikamızın, Bakı şəhərinin bir simvoluna çevrilib. Mən düşünürəm ki, analoqu olmayan çox möhtəşəm bir soyqırımı abidəsinin Bakı şəhərində inşa edilməsi və soyqırımı günündə onun ziyarətinin təşkil olunması çox vacib bir məsələdir. Əfsuslar olsun ki, bu məsələ ilə bağlı da ermənilər öndədirlər. Hələ 1970-ci illərdə orada qondarma bir soyqırımı abidəsi inşa edilib və onun kütləvi şəkildə ziyarətinə nail olunub.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çalışacağam, fikirlərimi lakonik bildirim. Çıxışıma hələ 1973-cü ildə ulu öndər möhtərəm Heydər Əliyevin Xankəndində Dağlıq Qarabağ vilayətinin 50 illiyində dediyi sözlərlə başlamaq istəyirəm. Ulu öndər o zaman belə söyləmişdi: “Dağlıq Qarabağ həmişə Azərbaycan torpağı olub, var və daim olacaqdır”. Son tarixə nəzər salsaq, mənim yaxşı yadımdadır, keçmiş Stepanakert, indiki Xankəndindəki ilk iğtişaşlar, ermənilərin mitinqlərə toplanması 1988-ci ilin 12 fevralına təsadüf edir. Burada onların bir şüarı, Ermənistana birləşmək şüarı var idi. Sonradan cinayətlərin törədilməsi və Azərbaycan kəndlərinin viran qoyulması prosesi başlandı. Xocalıda törədilmiş cinayət, demək olar ki, heç vaxt yaddaşlardan silinməyəcək. Bu bizə belə deməyə əsas verir ki, son iki yüz ildə ermənilərin bizə qarşı apardığı düşmənçilik siyasəti bitməyəcək. Biz müəyyən dövrlərdə çalışmışıq, onlarla yaxın olaq, amma alınmayıb. 1905-ci il, 1918-ci il hadisəsi baş verib, 1948–1951-ci illərdə deportasiya və nəhayət, 1988-ci ildən bu tərəfə baş verən hadisələr.
Məşhur sovet sənədli filmlər rejissoru Mixail Rob çəkdiyi “Adi faşizm” filmində belə bir fikir söyləmişdi ki, yəqin, bu, bəşəriyyət üçün son faşizm olacaq. Görünür, o, səhv etmişdi. Çünki 1988-ci ildən bəri Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən faşizm göstərir ki, bu proses hələ də davam edir. Burada terrorçuluqdan danışıldı. Mən bu yaxınlarda bir kitabda oxumuşam ki, dünyada təxminən 120-dən çox terror təşkilatı var. Onların ən azı 10-u ermənilərə məxsusdur. Yəni kriminal dövlət olan Ermənistanın başında dayanan faşist təfəkkürlü kriminal insanlarla bərabər həm də terror təşkilatları var. 1970-ci illərdə Avropada və digər ölkələrdə türk böyük elçiliklərinə edilən hücumların hamısı bunun sübutudur. Biz hamısını gözəl bilirik.
Aprel döyüşlərində mən Fransanın Paris şəhərində idim, Ziyafət müəllim. Orada yaşayan ermənilər aprelin 2-dən 5-nə kimi hər gün səfirliyimizin qarşısında piket düzəldir və səfirliyin binasını daş-qalaq edirdilər. Hətta səfir Əmirbəyovun maşınına atəş açmışdılar. Bunun səbəbləri aydındır. Fransada təxminən aktiv şəkildə siyasətlə məşğul olan 600 minə yaxın erməni var. Papazyan soyadlı bir erməni isə erməni təşkilatlarının Fransada bir növ koordinatorudur. O, heç olmasa, rübdə bir dəfə Fransua Ollandla görüşür. Bunu söyləməkdə məqsədim odur ki, həmsədr ölkələr, əslində, səhnə arxasında həmişə ermənilərə dəstək olurlar. Ona görə də bu proses öz həllini tapmır. Yaxud da Rusiyadakı kütləvi informasiya vasitələrini götürək. Ermənilər sözün əsl mənasında oranı zəbt ediblər. Həm siyasətçiləri, həm ziyalıları onlara yaradılan imkandan istifadə edib Azərbaycanın və Türkiyənin əleyhinə həmişə təhqiredici sözlər deyirlər. Məsələn, Baqdasarovu, Miqranyanı və sairi göstərmək olar.
Burada bir fikir səsləndi. Hörmətli Elman müəllimə bir siyasətçi kimi mənim çox böyük hörmətim var, amma o, bir fikir söylədi. O da ondan ibarətdir ki, Dağlıq Qarabağdakı rayonlar işğal olundu, ətraf rayonlar isə guya könüllü gəldilər. Elman müəllim, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda gedən döyüşlərdən Sizin xəbəriniz varmı? Bilirsinizmi ki, orada nə qədər insan həyatını itirib? Düzü, bu sözü mən qəbul etmirəm. 1912-ci ildə Rusiya imperiyasının xarici işlər nazir Sazonov adlı bir nəfər vəsiyyət etmişdi ki, Türkiyə və Azərbaycan arasında hökmən bir bufer dövlət yaradılmalıdır. O, Ermənistanı nəzərdə tuturdu. Yəni ermənilər bu siyasətə güvənirlər. 5 aprel hadisələri sübut etdi ki, bizim qüdrətli ordumuz və dövlətimiz var.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Əlbəttə, Siz Xocalı soyqırımı ilə bağlı çox geniş, ətraflı məruzə etdiniz və bütün məsələləri orada işıqlandırdınız. Biz orada deyilənlərin hamısı ilə razıyıq. 25 ildir, bu problem qalır. Ermənistan Azərbaycanın ərazilərini işğal edibdir, minlərlə azərbaycanlını öldürübdür, girov götürübdür. Bu gün də itkilərimizin sayı minlərlədir. Bu aqressiya davam etdirilir. Birləşmiş Millətlər Təşkilatının mandatına uyğun olaraq Minsk qrupu həmsədrləri vasitəçilik missiyasını yerinə yetirib bölgədə sülh əldə etmək üçün çalışırlar.
Mən məsələnin bu tərəfinə diqqət yetirmək istəyirəm ki, nə üçün Xocalı soyqırımına qarşı beynəlxalq təşkilatların qəbul etdiyi qərarları yeni dövlətlər qəbul etmək və bunun da nəticəsi olaraq işğalçını tanımaq istəmirlər. Yüz il bundan əvvəl baş vermiş böyük müharibələr nəticəsində milyonlarla türk ermənilər tərəfindən qətlə yetirilibdir, azərbaycanlılar qətlə yetirilibdir, amma bu, qondarma erməni soyqırımı kimi “1915-ci il hadisələri” adlandırılır. Bütün dünya bunu müzakirə edir. Bəzi dövlətlər hətta bu soyqırımını tanımayanlara qarşı cinayət təqibi nəzərdə tutan qanunlar da qəbul edir. Bizə gəldikdə isə deyirlər ki, siz gələcəyə baxın. Xocalı soyqırımını, Ermənistanın işğal faktını, işğalçı qoşunların orada yerləşməsini yaddan çıxarın. Siz ticarət əlaqələri qurun, iqtisadi əlaqələr qurun, Ermənistanı böyük layihələrə cəlb edin. Bu mövqe qətiyyən anlaşılan deyil ki, necə ola bilər, bu cür ikili standartlarla yanaşılsın. Bəlkə həmin həmsədr ölkələr bilmirlər ki, 1947-ci ildə Stalin və Mikoyanın imzası ilə indiki Ermənistan ərazisində yaşayan 10 minlərlə azərbaycanlı sovet hökumətinin qəbul etdiyi qərarla deportasiya edilibdir. Bəs səbəb nə göstərilibdir? Xaricdən SSRİ-yə köçmək istəyən erməniləri yerləşdirmək üçün Ermənistandakı azərbaycanlılar köçürülsün, onların evlərinə isə ermənilər yerləşdirilsin. Yüz illərlə bu siyasət davam etdirilibdir. Ona görə də bu dövlətlər həmin faktı tanımaq istəmirlər. Bölgəyə də sülhün gəlməsini istəmirlər.
Bu yaxınlarda Ermənistanda Qaregin Nijdeyə böyük bir abidə qoydular. Kimdir bu adam? Qaregin Ter-Arutunyan vaxtilə çar ordusunda zabit olmuş, rus-türk müharibəsində Türkiyəyə qarşı vuruşmuş, lakin 1917-ci il hadisəsindən sonra qoşunlar geri çəkiləndə həmin dəstələrə rəhbərlik edərək azərbaycanlıları Zəngəzurda, Göyçədə, digər yerlərdə qırmış və yandırmışdır. O, 1904-cü ildən “Daşnaksütyun” partiyasının üzvü olub. 1918–1920-ci illərdə Zəngəzurda azərbaycanlıları yandıran, öldürən, kəndləri dağıdan bir insan olub. 1920-ci ildə gedib faşist Almaniyasında Hitlerin cərgəsinə qoşulub və əməllərini davam etdirib. Amma SSRİ hökuməti tərəfindən həbs edilib, sonradan Ermənistana göndərilib. Nə üçün? Bu gün orada ona böyük abidə ucaldılır və heç kim də səsini çıxarmır. Əgər bu beynəlxalq qurumlar, dövlətlər sülh istəyirlərsə, bu xalqların sülh şəraitində yaşamasını istəyirlərsə, necə olur ki, azərbaycanlılara qarşı soyqırımını həyata keçirmiş şəxsə, nasist Almaniyası ilə bir yerdə o cinayətləri törətmiş şəxsə böyük bir abidə qoyulur və sülh təklif olunur? Ona görə də Xocalı soyqırımına onların belə münasibəti var. Ona görə də bölgəyə sülh gəlmir. Nə qədər ki işğalçıya öz adı qoyulmayacaqdır, qiymət verilməyəcəkdir, bölgədə sülh olmayacaq. Bu isə təkcə bölgə üçün deyil, bütün Avropa üçün böyük bir təhlükədir. Ona görə də hesab edirəm ki, buradakı qərar layihəsi çox düzgündür. Biz bütün parlamentlərə müraciət edərək tələb etməliyik ki, Xocalı soyqırımına siyasi qiymət verilsin. Bu gün Ermənistanda siyasi hakimiyyətdə olanlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli sədarət, dəyərli həmkarlar! Milli Məclis Sədrinin birinci müavini hörmətli Ziyafət Əsgərov Xocalı soyqırımının 25 illiyi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsini təqdim etdi. Mən bu qərar layihəsini dəstəkləyir və çox mükəmməl bir sənəd kimi qiymətləndirirəm. Nəyə görə mükəmməl bir sənəd kimi qiymətləndirirəm? Ona görə mükəmməl bir sənəd kimi qiymətləndirirəm ki, burada Xocalıda törədilmiş soyqırımının təsadüf olmadığı, birinci hadisə olmadığı, emosiya müstəvisində törədilmədiyi, indiyədək iki yüz illik tarix boyunca azərbaycanlılara qarşı ardıcıl olaraq yeridilən bir siyasət olduğu öz təsdiqini tapır. Sadəcə, bir məsələ ilə bağlı mən də bu fikirdəyəm ki, buradakı faktların hamısı dəqiqdir və bu faktların dəqiqliyinə şübhə yaradacaq kiçik bir nöqtənin də olmaması üçün artıq o zaman “dağılmış dövlətin ordusu” deyil, bəlkə də “ordusu üzərində nəzarəti itirən bir dövlətin ordusu” ifadəsini işlətməliyik. Yəni “Yeltsin Rusiyasının 366-cı alayı” ifadəsi orada yer almalıdır. Bunun nə üçün bu şəkildə olduğu, təbii ki, hamımıza bəllidir. Amma mənə elə gəlir ki, bu formatda verilsə, yəqin, müəyyən çevrələrdə qıcıq doğurmaz. Amma istənilən halda bir daha deyirəm ki, bu sənəd olduqca önəmli bir sənəddir. Bu nəyə görə lazımdır?
Birinci, beynəlxalq aspektdə soyqırımı ona görə lənətlənməlidir ki, digər ölkələrdə soyqırımı baş verməsin, digər xalqlara qarşı bu soyqırımları törədilməsin. Dağlıq Qarabağ münaqişəsinə vaxtında düzgün reaksiya verilməməsi ona aparıb çıxardı ki, hətta heç zaman öz ölkəsində belə bir münaqişənin olacağını gözləməyən ölkələrdə belə oxşar hadisələr baş verdi. Bu cür soyqırımı aktlarından heç kim sığortalanmayıb. Əgər doğrudan da, bu hadisəyə prinsipial qiymət veriləcəksə, ən əsası bu bizim özümüz üçün lazımdır. Bizim özümüz üçün ona görə lazımdır ki, bizim qərar layihəsindən də açıq görünür, soyqırımı faktı ilə biz o zaman üzləşmişik ki, bizim dövlətimiz olmayıb. Soyqırımı hadisəsi ilə, deportasiya ilə, Azərbaycan xalqına qarşı ədalətsizliklərlə o zaman üzləşmişik ki, bizim dövlətimiz zəif olub. Bu hadisələrlə o zaman üzləşmişik ki, bizim dövlətimizin başında zəif rəhbərlər dayanıb, bizim ordumuz olmayıb. Ona görə də əgər bu gün Azərbaycanın güclü ordusu varsa, Azərbaycanın güclü dövləti varsa, Azərbaycan dövlətinin başında qətiyyətli, güclü lider dayanırsa, şübhəsiz ki, bu soyqırımı sonuncu soyqırımı olacaq.
Həmkarlarımdan birinin dediyi kimi, bu, soyqırımlarının Azərbaycanda törədildiyi sonuncu dayanacaq olacaq. Bu bizə həm də ona görə lazımdır ki, biz soyqırımı cinayəti törətmiş insanların üzərində beynəlxalq hərbi tribunal qura bilək. Beynəlxalq hərbi tribunalın tarixi isə onu göstərir ki, bu ancaq sən qalib gələn tərəf olduğun zaman mümkün olur. Biz bu savaşda qalib gələcəyik. Əslində, bu savaş gedir. Hörmətli Bahar xanımın vurğuladığı kimi, elə sülh platformasının yaradılması da həmin savaşın bir elementidir. Lapşinin Azərbaycana gətirilməsi də həmin savaşın bir elementidir. Ermənistanda baş verən depopulyasiya da həmin savaşın bir elementidir. İşğalçı ordunun, demək olar ki, hər həftə cəbhə xəttində əsgər itirməsi də həmin savaşın bir elementidir. Aprel döyüşləri də həmin savaşın ən nəzərə çarpan elementlərindən biri idi. Bu bir daha onu göstərdi ki, bəli, Xocalı soyqırımını törədənlər heç zaman cəzasız qalmayacaqlar.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, bu gün Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqına, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli bir cinayətin – Xocalı soyqırımının 25 illiyi münasibəti ilə yığışıb və müzakirələr aparılır. Biz bu müzakirələri 25 il bundan əvvəl də aparmışıq, yenə də aparırıq və doğma torpaqlarımızı, inşallah, qaytarandan sonra da aparacağıq. Çünki erməni faşizminin, erməni cəlladlarının tək Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə, bəşəriyyətə qarşı törətdiyi soyqırımı dünya ictimaiyyətinə bütün açıqlığı ilə çatdırılmalıdır. Əlbəttə, bu gün bu qərarların, digər hüquqi aktların dünya ictimaiyyətinə çatdırılmasında əsas məqsəd bu cinayətin, bu soyqırımının məhz beynəlxalq səviyyədə öz siyasi qiymətini almasıdır. Çünki bu, ağır hərbi cinayətdir.
Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu cinayəti törədən hər bir insan haqqında mükəmməl cinayət işi toplanıbdır. Burada qeyd olunduğu kimi, deputat həmkarlarım ayrı-ayrılıqda bildirdilər ki, erməni cəlladları beynəlxalq səviyyədə beynəlxalq tribunalda bəşəriyyətə qarşı törətdikləri cinayətin cavabını verməlidirlər və verəcəklər də. Günahsız insanları tamamilə təcrid olunmuş bir şəhərdə, ancaq hava nəqliyyatı ilə əlaqə saxlanılan bir yerdə mühasirəyə alıb, fevralın 25-dən 26-na keçən gecə əvvəlcə şəhəri top atəşinə tutdular, gülləbaran etdilər, evləri yandırdılar və bundan sonra isə insanları öldürdülər. Öldürülən insanlar üzərində vəhşiliklər törətmək, gözlərini çıxarmaq, başlarını kəsmək, dərilərini soymaq, əlbəttə, ağlasığmaz bir cinayətdir. Bu, təbii ki, XIX və XX əsrlərdə ermənilərin etnik təmizləmə siyasətlərinin ən kulminasiya nöqtəsi idi. Qərar layihəsi ilə tanış olarkən gördük ki, Xocalı şəhərində törədilmiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tarixə tam uyğun gəldiyini sübut edir. Əgər bu sübut olunursa, bu müzakirələrin beynəlxalq səviyyədə sübuta yetirilməsi möhtərəm cənab Prezidentimizin apardığı siyasətin ən vacib hissəsidir. Onun səfirliklər, ictimai birliklər və diaspora qarşısında qoyduğu ən əsas məsələ odur ki, bu, ayrı-ayrı ölkələrin parlamentlərində qəbul olunsun, dinləmələr keçirilsin. Bu missiya bu gün dövlətimiz tərəfindən həyata keçirilir. Bu sahədə parlamentimizin də gördüyü işlər göz qabağındadır. Artıq qeyd olunduğu kimi, bu soyqırımını dostluq qruplarının fəal iştirakı nəticəsində neçə ölkənin parlamenti tanıyıbdır. Ən əsası isə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın Xocalı soyqırımının tanınması, “Xocalıya ədalət!” prinsipi çərçivəsində dünya ictimaiyyətinə təbliğ etdiyi sübutlu faktlar artıq Xocalı soyqırımının tanınması istiqamətində görülən böyük işlərə öz töhfəsini vermişdir. Ancaq mən təklif edərdim ki, biz bu təbliğatla yanaşı bu gün regionlarda baş verən prosesləri də gözümüzün qabağına gətirək.
Bu gün yeni yaranmış beynəlxalq terror təşkilatları var. O terror təşkilatları insanların başını kəsir, gözünü çıxarır, diri-diri basdırır və onu canlı şəkildə ekranlarda göstərərək insanlarda dəhşət hissi yaradırlar. Biz təbliğatımızda onların ideoloqlarının məhz ermənilər olduğunu göstərməliyik. 1904-cü, 1918-ci, daha sonrakı illərdə və nəhayət, 1992-ci ildə bu vəhşilikləri ermənilər törədiblər, yəni bu vəhşiliklərin ideoloqları məhz ermənilərdir. Ermənilər hələ iki yüz il bundan əvvəl də bu metodologiyadan istifadə ediblər. Bu gün bəşəriyyətə qənim kəsilmiş beynəlxalq terror təşkilatları ideoloqlarının məhz ermənilər olduğunu təbliğatımızda vurğulamağımız daha əhəmiyyətli olardı.
Mən də deputat həmkarlarıma qoşularaq xalqımızın başına gətirilən bu ağır faciədən nəticə çıxarmağımızı arzulayıram. Əminəm ki, möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə elə keçən ilin aprelində olduğu kimi, bir ayın içində həll etmək gücündəyik, bunu edəcəyik də. Cinayətkarlar öz cəzalarını alacaqlar. Bu dinləmələrin də, təbii ki, müxtəlif təkliflər əsasında dünya ictimaiyyətinə yeni formada çatdırılmasına və beynəlxalq səviyyədə tanınmasına nail olacağıq. Diqqətinizə görə minnətdaram.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli deputatlar! 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr son 30 ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən kütləvi qətliamdır, soyqırımıdır. Xocalının şiddətli top atəşinə tutulması, daha sonra dinc əhalinin silahlı hücuma məruz qalması nəticəsində 600-dən çox azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar qətlə yetirilib, yüzlərlə azərbaycanlı yaralanıb və əsir düşüb. Şəhər yer üzündən silinib.
Ermənistan bu gün də beynəlxalq hüquqa nifrətini aşkar şəkildə nümayiş etdirib hərbi işğalçılıq siyasətini davam etdirir. Azərbaycanla sərhəd zonalarda daima təxribatlar törədir və işğal olunmuş Azərbaycan torpaqlarında öz hərbi iştirakını gücləndirir. Bildiyiniz kimi, BMT-nin qəbul olunmuş 4 qətnaməsini, yəni ermənilərin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələbini Ermənistan yerinə yetirmir. Onlar cəzasız qalacaqlarına əmindirlər. O qədər həyasızlaşıblar ki, Dağlıq Qarabağda “konstitusiya referendumu” deyilən bir qanunsuz referendumun keçirilməsinə nail olmağa çalışıblar. Lakin fevralın 20-də separatçıların keçirdikləri dırnaqarası referendumun Azərbaycan Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə zidd olması dünya birliyi tərəfindən etiraf olundu. Bu vaxta qədər dünyanın heç bir ölkəsində heç bir beynəlxalq təşkilat tərəfindən Dağlıq Qarabağda olan separatçı rejim tanınmamışdır. Bu da referendumun növbəti təxribat olmasından və şoudan heç nə ilə fərqlənməməsindən xəbər verir. Bu, Ermənistanın silahlı münaqişənin həllində maraqlı olmadığını bir daha aydın şəkildə göstərdi. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər, Ermənistanda yaşayan ermənilər indi Azərbaycanın çox güclü ordusu olduğundan hesablaşmaq istəmirlər. Onlar bilməlidirlər ki, bu saat Azərbaycanın çox güclü ordusu var və bu ordunun qabağında onlar davam gətirə bilməyəcəklər. Eyni zamanda, Azərbaycanın Ali Baş Komandanının qətiyyətli mövqeyi qarşısında da davam gətirə bilməyəcəklər. Bu haqda çox danışmaq olar. Bunlarla bağlı bir neçə təklif vermək istəyirəm.
Birinci təklifim odur ki, Azərbaycanın bütün orta və ali təhsil müəssisələrində fevral ayında şagirdlər və tələbələr üçün geniş yığıncaqlar keçirilsin. 1905-ci ildən bu günə qədər ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər gənc nəslin yaddaşına həkk olunsun. Xocalı soyqırımı abidəsi ziyarət edilsin. Orta və ali məktəblərin Azərbaycan tarixi dərsliklərinə Xocalı soyqırımı geniş şəkildə salınsın. Çünki ermənilər uşaq anadan olanda hələ beşikdəykən qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir. Biz də, heç olmasa, gənc nəslin yaddaşına bunları həkk eləməliyik ki, bəli, erməni sənin düşmənindir.
İkinci məsələ. Mən tarixdən bir misal çəkmək istəyirəm. Müharibə illərində Üzeyir bəyə xəbər çatdırılır ki, Sizin “Arşın mal alan”ınızı İranda erməni familiyalı bir müəllif tamaşaya qoyub göstərir. Üzeyir bəy də Mərkəzi Komitənin I katibi Mircəlal Bağırova bildirir. Mircəlal Bağırov da Stalinə bildirir. Stalin göstəriş verir ki, bu əsərin filmini çəkin və bütün dünyaya yayın. Bununla da bu məsələyə nöqtə qoyulur, müəllifin hüququ tanınır. İndi mən də belə bir təklif vermək istəyirəm ki, dünya şöhrətli kinorejissorlar Xocalı faciəsinə aid bir kinofilm çəksinlər və bu film bütün dünyada nümayiş olunsun. Əgər o filmi müsəlman familiyalı şəxs çəksə, xristianlar buna gedib baxmayacaqlar. Heç olmasa, rejissorun familiyasına görə xristianlar getsinlər, baxsınlar. Bu filmdə də həqiqət çatdırılsın.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Sədr, çıxış üçün söz verdiyinizə görə təşəkkür edirəm. Əziz həmkarlarım, hər kəs burada öz ürək sözlərin ifadə edir, fikirlərini bildirir, ürək yanğısını göstərir. Çox gözəl. Hamısı ilə şərikəm. Bir şeyi qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ikili standart işlədənlər bilməlidirlər ki, miqyasına və dəhşətinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır. Xatın, Lidiçe soyqırımları kimi Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir. Aydındır ki, Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi idi. Lakin Azərbaycanın zaman-zaman başına gələn hadisələr göstərir ki, bundan öncəki illərdə də Azərbaycan xalqına qarşı böyük soyqırımları törədiblər. Ulu öndərimizin 1998-ci ildə verdiyi sərəncam ilə azərbaycanlılara qarşı soyqırımı abidəsi ucaldılmışdı.
Biz bu gün nə etməliyik? Biz bu gün toplaşıb həmin günü anırıq. Ancaq qarşıda çox böyük problemlər, məsələlər var. Qloballaşan dünyada baş verən hadisələr bizi daha ayıq-sayıq olmağa çağırır. Biz gələcək nəsillərin qəlbində nəinki Xocalı soyqırımı, bütün Azərbaycan xalqının soyqırımı abidəsini ucaltmalıyıq. Düzdür, qonaqlarımıza, gələnlərə soyqırımı abidəsini göstərmək çox yaxşıdır. Bu bizim vətəndaşlıq borcumuzdur. Amma gələcək nəsilləri, müstəqil Azərbaycanın gələcək övladlarını daima ağıllı, düşüncəli, siyasətdən anlayan bir nəsil kimi yetişdirməliyik. Onlar bilməlidirlər ki, bizim başımıza açılan oyunlar bizim unutqanlığımızın və nələrdən xəbərsiz olmağımızın nəticəsidir. Biz bu gün bildirməliyik ki, sovet dönəmində olan insanlar, sovet məktəbliləri bilmirdilər ki, Azərbaycan xalqının başına nə oyunlar gətirilib. Həmkarlarım çox gözəl dedilər. Məktəblərdə keçilməli, dərsliklərdə yazılmalıdır. Biz heç bir dərslikdə bunları görmədik.
1917-ci ildə Andranikin qulağı kəsilən zaman Naxçıvan xalqına olunan zülmü heç kəs heç yerdə görmədi, oxumadı. Biz bu gün onu övladlarımıza oxutmalıyıq. Onun üçün yox ki, biz onları erməni faşistləri kimi vəhşi ruhda tərbiyə etmək istəyirik, xeyr, bunu onların keçmişimizi bilmələri üçün etməliyik. Keçmişini bilməyənin gələcəyi olmaz, mənim əziz həmkarlarım. Biz bunu övladlarımıza başa salmalıyıq, onlar bilməlidirlər ki, insanlığı tək erməni faşistlərindən deyil, bütün faşizmlərdən qorumalıyıq. Qoy bizim balalarımız bu tərbiyədə böyüsün və bilsinlər ki, faşizm həmişə insanların düşmənidir. Mən inanıram ki, bir gün nəinki Xocalı, bütün Qarabağımız, Azərbaycan torpaqlarımız azad olunacaq. Azərbaycanın onsuz da ürəyi yaralıdır, parçalanıb, hissələrə bölünüb. İnşallah, biz o günü görəcəyik. Amma heç bir zaman keçmişimizi unutmamalıyıq.
Bu gün mən hörmətli Bahar xanımın da, digər həmkarlarımın da fikirlərini dəstəkləyirəm ki, həqiqətən də, biz bütün sahələrdə mübarizə aparmalıyıq, cənab Prezidentin ətrafında sıx birləşməliyik. Bu gün Heydər Əliyev siyasətinin təntənəsidir ki, azad elədiyimiz kəndlərdə artıq tikinti işlərinə başlayırıq. Xalqımızı köçürtməklə məşğuluq. Amma heç bir zaman məkrli siyasəti unutmamalıyıq. O zaman-zaman təkrarlana bilər. Hətta Qarabağ alınandan sonra belə biz bunları unutmamalıyıq, tariximizə yazmalıyıq. Tariximizi gözəl bilməliyik. Allah şəhidlərimizə rəhmət eləsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli deputatlar, qərar layihəsi barədə bir çox təklifim var. Ən əvvəl hesab edirəm ki, burada Xocalı şəhərində baş verən qətliamda 613 nəfərin qətlə yetirilməsi rəqəmi kifayət deyil. Çünki elə bu hadisələrin şahidi olan hörmətli həmkarım Aqil Abbas buradadır. Bu gün ictimai televiziyada işləyənlər var. Şəxsən mən Xocalını eşidəndən sonra Qarabağa getmişəm, 130-dan çox meyitin daşınmasında şəxsən iştirak eləmişəm, xəstəxana və digər yerlərdə olmuşam. Orada gülləbaran olunmuş qərargahdan dövlət rəhbərliyi ilə əlaqə saxlamağa çalışmışam, Daxili İşlər Nazirliyi ilə danışmışam və gəlib həmin o kürsüdən də çıxış eləmişəm, sözlərimi demişəm.
Biz bilirik ki, oradan 1338 meyit çıxarılıb. Bunun yalnız 613 nəfəri xocalılara aiddir. Orada kərkicahanlılar, məshəti türkləri, qərbi Azərbaycandan gələn insanlarımız da şəhid olublar. O da burada öz əksini tapmalıdır. Allah Allahverdi Bağırova rəhmət eləsin. Çox böyük igidliklər göstərdi o zaman. Böyük işlər gördü.
İkincisi, istəyirəm, bu qərar layihəsində ikinci abzasdan irəlidə bu sözlər olsun ki, – məruzə və çıxışlarda da oldu, – həmin cinayəti həyata keçirənlərin başında bugünkü Ermənistan rəhbərliyi durur. İkinci bəndin özünə də dəyişiklik təklifim var. “Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının” sözlərindən sonra “Azərbaycan Respublikasının 1996-cı ilin 31 mayında rəsmi şəkildə qoşulduğu” sözləri əlavə olunsun. Burada aydın olsun ki, BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya biz qoşulmuşuq.
“Tərifə” sözündən sonra “və digər beynəlxalq aktlara” sözləri əlavə olunsun. Niyə? Çünki məsələn, 1949-cu il 12 avqustda qəbul edilmiş “Hərbi cinayətlər zamanı və fövqəladə vəziyyətlərdə qadın və uşaqlara işgəncə verilməsinin qarşısını almaq barədə” Konvensiya var. Digər mülki hüquqlar var. Onlar da açıqdan-açığa pozulur. Mən elə hesab edirəm ki, bu daha da gücləndirilməlidir.
4-cü təklifim ondan ibarətdir ki, 4-cü səhifənin başında “sürətləndirilmiş” sözündən sonra “işğal və separatizmə əsas verən dənizdən dənizə böyük Ermənistan” qondarma ideologiyası xatırladılmalıdır. Çünk daşnak təşkilatlarından sonra elə mətnin fəsil hissəsində bu yazılır.
5-ci məsələ. Tamamilə haqlı olaraq qətnamədə də göstərilir ki, bu, azərbaycanlılara qarşı soyqırımıdır və sadalanır. Amma əgər azərbaycanlılara qarşıdırsa, təxminən elə bu həcmdə də bizim Cənubi Azərbaycanda, İranda, Urmiyada, Xoyda və digər yerlərdə azərbaycanlılarımıza qarşı çox ciddi amansızlıqla soyqırımı hadisələri baş verib. Burada sadalanan müəyyən yerlər var, 1918-ci ildə Qubada, Muğanda, Lənkəranda soyqırımları olub, buraya Urmiya da əlavə oluna bilər.
6-cı təklifim ondan ibarətdir ki, burada sadalananlara hansı ziyanlar dəyibsə, əlavə olunmalıdır. Məhsuldar torpaq sahələri, mal-qara, infrastrukturlar, qəbiristanlıqlar və digərləri də əlavə olunmalıdır ki, bu hadisələrin həcmi daha da aydın göstərilsin. Burada, həqiqətən, son iki yüz ildə bizim başımıza gətirilən soyqırımı hadisələri xatırlanır. Amma sonda bu, “yüz il” sözləri ilə ifadə olunur. Mənə elə gəlir ki, sonrakı mətnlərdə də elə iki yüz il olmalıdır.
Doğrudan da, son iki yüz ildə bizim başımıza bu işlər gətirilib. Diqqət çəkmək istəyirəm ki, bu qətliamı, soyqırımı tanıyan ölkələr arasında müsəlman dövlətləri, demək olar ki, yoxdur. Təktəkdir. Buna diqqət yetirmək istəyirəm. Yenə də o “qətliam” sözünün, “soyqırımı” ifadəsinin daha ağır olmasından ötrü məruzədə deyilən kimi, “irəlicədən planlı şəkildə həyata keçirilməsi” sözləri əlavə olunsun. Ümumiyyətlə, burada Ermənistana sanksiyalar tətbiq olunması öz əksini tapmalıdır. Hesab edirəm, qərar layihəsində “məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirilməsi” ilə yanaşı, ATƏT-in Minsk qrupunun da fəaliyyəti ilə bağlı konkret təkliflər verilməlidir.
Sədrlik edən. Çox sağ olun. Tahir müəllim, burada çox təkliflər oldu. Qərar layihəsi var. Mən xahiş edəcəyəm ki, bu qərar layihəsində mümkün olanları dəyişdirək. Ancaq bizim gündəliyin bugünkü məsələsi Xocalı soyqırımının 25 illiyidir. Artıq 113 nəfər yazılıb. Bu, soyqırımı məsələsinə aiddir. Bir az bu şərhlərdə diqqətli olaq. Novruzəli Aslanov buyursun.
N.Aslanov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən öz çıxışımı etmədən öncə məndən əvvəl çıxış edən bütün millət vəkillərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Doğrudan da, çox məzmunlu və təbii ki, ehtiraslı çıxışlar oldu. Bu da təbiidir ki, bu tarixi bir gündə biz millət vəkilləri olaraq Milli Məclisdə bu məsələni müzakirə edərkən öz ağrılarımızı, acılarımızı ortaya qoymuş oluruq və bunu bütün dünya ictimaiyyətinə təqdim edirik. Mən xüsusi olaraq öz fikirlərimi bir neçə məsələyə yönəltmək istəyirəm. Bir çox sənədlərdə statistik rəqəmlərlə göstərilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycan dövlətinə 10 milyardlarla ziyan vurulub. Lakin bu yaxınlarda hörmətli həmkarımız Xanhüseyn Kazımlının rəhbərliyi ilə biz bir beynəlxalq konfransda iştirak etdik. Orada bir çox xarici səfirlər, nümayəndələr iştirak edirdilər. Bu konfransın məğzi, fəlsəfəsi ondan ibarət idi ki, bu işğal nəticəsində Azərbaycan dövlətinə 100 milyardlarla ziyan dəyibdir. Bu barədə xüsusi olaraq qeyd etmək lazımdır.
İkinci bir məsələ də budur ki, görülən işlər haqqında mütəmadi olaraq çıxış eləmək, danışmaq, fikirlərimizi söyləmək lazımdır. Bu barədə mən Bahar xanımın sözünə əlavə deyil, qüvvət verərək qeyd eləmək istəyirəm ki, biz mütləq şəkildə Azərbaycanın bütün işğal olunmuş torpaqlarını azad edəcəyik. Bu tarixi günləri yaşayacağıq. Möhtərəm Prezidentimizin siyasəti nəticəsində ərazi bütövlüyümüzü təmin edəcəyik və bundan 25 il, 250 il sonra da Xocalı soyqırımı haqqında danışacağıq və fikirlərimizi bütün dünya ictimaiyyətinə çatdıracağıq.
Bir neçə təklif vermək istəyirəm. Sözün düzü, bir təklif vermək istəyirəm. Hörmətli deputatımız Siyavuş Novruzov və Jalə Əliyeva öz çıxışlarında çox gözəl məqama toxundular. Biz çox vaxt istəyirik insanlara çatdıraq ki, bu Xocalı soyqırımı, erməni təcavüzkarlığı barədə filmlər çəkilir, Heydər Əliyev Fondu tərəfindən bu işlər görülür. Bunu mütləq olaraq qeyd eləmək lazımdır. Disklər paylanır, kitablar buraxılır və sair.
Amma bizim o barədə gözəl bir nümunəmiz var. Bizim həmkarlarımız da qeyd elədilər. Zori Balayanın kitabı var. Dünyada nə qədər belə kitablar çap olunubsa, hamısını əldə edək. Onları gətirək, bir tarixi abidə kimi deyil, dırnaqarası bir abidə kimi özümüzdə saxlayaq, gələn qonaqlara o kitabları paylayaq və göstərək ki, bunların ziyalılarının dedikləri budur. Zori Balayanlar, bu alimlər bizim Azərbaycan türlərini necə öldürdükləri, körpələrin dərisini necə soyduqları və bundan necə həzz aldıqları barədə kitablar yazırlar. Biz də kitab müəllifləriyik. Kitab yazan insan burada çoxdur. Kitab müəllifi, əslində, humanizmi, insansevərlik rəmzlərini yaxşı bir nümunə kimi göstərməlidir. Amma baxın, görün, Fəzail İbrahimli burada gözəl bir söz dedi ki, erməni obrazını yaratmaq lazımdır. Erməni obrazını artıq Zori Balayanlar öz kitablarında yaradıblar. Gəlin o kitablardan çıxarış edək, o sözləri yazaq və bütün qonaqlara paylayaq. Bütün dünya ictimaiyyətinə paylayaq. Qənirə xanım demişkən, təkcə türk dövlətlərinə deyil, bütün dövlətlərə paylayaq ki, bu kitabları oxusunlar. Qoy görsünlər ki, Zori Balayan kimdir və erməni xalqı kimdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Şübhəsiz ki, tarix boyu baş verən soyqırımı aktlarına nəzər salsaq, Xocalı soyqırımı bu aktların ən dəhşətlilərindən biridir. Təbiidir ki, 25 il öncə baş verən bu dəhşətli hadisələr xalqımız və mütərəqqi bəşəriyyət tərəfindən daim xatırlanacaq, o soyqırımı aktını törədənlərin cəzalandırılması tələb olunacaq. Siz bilirsiniz ki, bu istiqamətdə parlament nümayəndə heyətləri də məqsədyönlü işlər görür. Cari ilin yanvar ayında bizim nümayəndə heyətimiz İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının Malinin paytaxtı Bamakoda keçirilən sessiyasında iştirak etdi və bu sessiyada Azərbaycana dair 3 qətnamə qəbul olundu. Onlardan da biri 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dair qətnamə idi. İlk dəfə bu məzmunda qətnamə qəbul olunub.
Heydər Əliyev Fondunun, xüsusən Leyla xanım Əliyevanın təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində xeyli iş görülüb. İslam Konfransı Gənclər Forumu ilə Parlament İttifaqı arasında əməkdaşlığa dair qətnamənin tərkibində “Xocalıya ədalət!” kampaniyasının tələbləri, təklifləri öz əksini tapıb. Amma bu il ilk dəfə olaraq məhz Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması haqqında qətnamə layihəsi qəbul olunub. Qətnamə bir qədər böyükdür. Mən, sadəcə, qısa bir hissəsini oxuyacağam. Bu qətnamədə vurğulanır ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında mülki vətəndaşlara qarşı törədilmiş kütləvi vəhşiliyi insanlığa qarşı cinayət və soyqırımı kimi şiddətlə qınayır. Daha sonra İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı üzv parlamentləri Xocalı şəhərində və Azərbaycan Respublikasının işğal edilmiş digər ərazilərində törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırır və İƏT anım günü proqramı çərçivəsində təşviq edilən və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında törədilmiş soyqırımının tarixi həqiqətlərinin üzə çıxarılması məqsədi daşıyan “Xocalıya ədalət!” kampaniyasını alqışlayır və bütün İƏT-ə üzv parlamentləri bu kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində iştirak etməyə çağırır.
Daha sonra sessiyanın yekununda Bamako kommünikesi qəbul edildi ki, bu kommünikenin də üç bəndi Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlıdır. Bu bəndlərin ikincisində yenə də Xocalıya dair məlumat öz əksini tapıb. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bir neçə saat ərzində Azərbaycanın Xocalı şəhərində 613 mülki vətəndaşın, o cümlədən 106 qadın və 63 uşağın öldürüldüyü dəhşətli qətliamı təşkilat qətiyyətlə pisləyir. Mən bu haqda məlumat vermək istədim. Daha sonra, burada Ziyafət müəllimin məruzəsini dinlədik, çox yüksək səviyyədə hazırlanmış məruzə idi. Qərar layihəsi ilə də tanış olduq. Bu qərar layihəsinə mənim qısa bir təklifim var. Burada “Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir” yazılıb. Adətən, 613 nəfərdən sonra biz mütləq “o cümlədən 63 uşaq...
Sədrlik edən. Aydındır. Pərvin Kərimzadə.
P.Kərimzadə. Hörmətli cənab Sədr, söz verdiyiniz üçün təşəkkürümü bildirirəm. Sözsüz ki, bu gün haqqında danışdığımız və 25-ci ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən beynəlxalq cinayətdir. Artıq məruzədə də qeyd olundu, BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş konvensiyada yazılanlar tam Xocalıda baş verənlərin statusuna uyğundur. Xocalıda baş verənlər, məhdud ərazidə insanların yalnız azərbaycanlı olduqları üçün kütləvi şəkildə qırılması, onlara bədən xəsarətlərinin yetirilməsi və onların yaşamaları üçün dözülməz şəraitin yaradılması elə tam soyqırımı deməkdir. 1976-cı ildə beynəlxalq hüquq komissiyası “beynəlxalq cinayət” anlayışını formalaşdırır və soyqırımı beynəlxalq cinayət kimi qəbul olunur. Eyni zamanda, bu komissiya “beynəlxalq cinayət” anlayışını formalaşdırarkən maddi-mədəniyyət abidələrinə zərər verilməsi, ətraf mühitə külli miqdarda ziyan vurulması da beynəlxalq cinayət kimi qəbul olunur.
Burada yeri gəlmişkən bir faktı da diqqətinizə çatdırım ki, ermənilər yeganə toplumdur ki, təkcə insanlara deyil, hətta daş büstlərə belə güllə atır. Hər birimizin yadına Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəyovun və digərlərinin güllələnmiş büstləri düşür. Digər tərəfdən, bir faktı da diqqətinizə çatdırım ki, 1982-ci ildə Şuşada ulu öndərimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə açılmış Molla Pənah Vaqifin məqbərəsi də darmadağın edilmişdir. Bu, beynəlxalq cinayət deyilmi? Ətraf mühitin çirklənməsi ilə bağlı başqa bir faktı da deyim. Aprel döyüşlərindən sonra, baxmayaraq ki, aprel ayının 5-də tərəflərarası razılığa gəlinmişdi, aprel ayının 23–29-u tarixlərində Tərtərin Əskipara kəndinə toplardan tərkibində zəhərli ağ fosfor maddəsi olan mərmi atılmış, xoşbəxtlikdən açılmamışdı. Mayın əvvəllərində bu mərmi beynəlxalq müşahidəçilərin və media nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilmişdi. Ətraf mühitə artıq istər-istəməz külli miqdarda ziyan vurulmuşdur.
Onu da diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının da tərəfdaşı olduğu Cenevrə Konvensiyasının üçüncü əlavəsinə uyğun olaraq həmin ağ fosforun istifadəsi tam qadağan olunmuşdur, çünki o istifadəsinə qadağa qoyulmuş kimyəvi silahlardan idi. Əlbəttə, soyqırımı cinayətləri hamı tərəfindən pislənilir, onlara hüquqi qiymət verilir. Azərbaycanda Xocalı soyqırımını törədən və bilavasitə onu təşkil edənlər haqqında Hərbi Prokurorluq tərəfindən 39 nəfərin günahı cinayət kimi tam təsdiq olunmuş və onlar haqqında istintaqa cəlb olunma qərarları verilmişdir. Onlar müvafiq qurumlar tərəfindən axtarışdadırlar. Onu da nəzərinizə çatdırım ki, onların 34 nəfəri yüksək hərbi rütbəli ermənidir. Artıq bu günlərdə aldığımız məlumata görə aprel döyüşlərində bilavasitə cinayətlər törətmiş 3 erməni haqqında da qərar qəbul olunmuş və onlar da axtarışa verilmişlər.
Bir məsələni də vurğulamaq yaxşı olardı. Əslində, hüquq normalarına əsasən soyqırımı cinayəti törətmiş insanların cəzalandırılması üçün müddət olmur. Onlara qarşı qanunların tətbiqinə imkan verilir. Ona görə mən əminəm ki, bu insanlar qanun qarşısında cavab verəcəklər. Digər tərəfdən, vaxtın az olmasını və sonuncu mənim çıxışım olduğunu nəzərə alaraq bir məsələni də vurğulayım ki, iki gün öncə Gəncədə məskunlaşan xocalılarla görüşdük. Xocalıların, sözsüz ki, bir istəyi var, onlar Xocalıya qayıtmaq istəyirlər. Lakin bu, sadəcə, istək deyil. Bu gün bu, bir əminlikdir. Dövlətimizin qətiyyətli mövqeyinə və siyasi iradəsinə arxayın olan bir əminlikdir. Xocalılar bildirirlər ki, aprel döyüşləri onlarda ruh yüksəkliyi yaratmışdır. Digər tərəfdən Lapşinin Azərbaycana ekstradisiya olunması, Cocuq Mərcanlıda abadlıq işlərinin aparılması, milli qəhrəman Çingiz Qurbanovun nəşinin Azərbaycana qaytarılması, bütün bunlar xocalılarda, eləcə də Qarabağdan olanlarda əminlik yaradıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə o gün gələcək. Biz də millət vəkilləri olaraq müxtəlif parlamentlərarası qruplarla, eyni zamanda, əməkdaşlıq qrupları və digər qurumlarla apardığımız söhbətlərdə Xocalı həqiqətlərini dünyaya çatdıracağıq. Dövlətimizin qətiyyətli mövqeyi, cəsarətli xarici siyasəti və Azərbaycan xalqının birmənalı olaraq öz rəhbərlərini dəstəkləməsi nəticəsində Xocalı hadisələrinə siyasi-hüquqi qiymət veriləcək, Xocalı və Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Buna Azərbaycan nail olacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 35 millət vəkili çıxış elədi, deyəsən, artıq çıxışlara yazılan yoxdur. İndi icazə versəniz, Bahar xanım qərar layihəsini oxuyar. Burada çox fikirlər oldu, əsas kimi bu qərar layihəsini qəbul eləyək, sonra dəyişikliklər olanda sizin fikirləriniz də nəzərə alınacaq. Buyurun, Bahar xanım.
B.Muradova. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 25 ili tamam olur. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yer üzündən silinmişdir.
Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməs ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.
Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Bu dəhşətli cinayətin üstündən 25 il keçməsinə baxmayaraq, onun təşkilatçıları və icraçıları məlum səbəblər üzündən indiyədək cəzasız qalırlar.
Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı təcavüz, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasət son iki yüz ilə yaxın dövrdə mərhələmərhələ həyata keçirilmişdir.
XIX əsrdə Rusiya–İran və Rusiya–Türkiyə müharibələrinin nəticələrini, o cümlədən Azərbaycanın çar Rusiyası tərəfindən ilhaqını təsbit edən müqavilələrə əsasən Cənubi Qafqaza yüz minlərcə erməni köçürülmüş, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazlar verilmiş, bütün bunlar azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdır. “Daşnak” və “Hnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra bu proses daha da sürətlənmişdir.
Birinci rus inqilabının başlandığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri Cənubi Qafqazda ilk dəfə olaraq etnik zəmində soyqırımı cinayəti törətmişlər. 1905–1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürmüşlər. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərcə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.
Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəyilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıqla həyata keçirilmişdir. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərcə adamı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enmişdir. Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində azərbaycanlılarla birlikdə 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadratkilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin təşkil edilməsinə, 1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına, Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğal olunmasına gətirib çıxarmışdır.
Təkcə son işğalçılıq müharibəsinin gedişində Ermənistan Silahlı Qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.
Son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqının məruz qaldıqları fəlakətlərin bir çox səbəbləri vardır. Əsas səbəblərdən biri kənar qüvvələrin müəyyən siyasi niyyətlərini həyata keçirmək üçün erməni millətçiliyinə rəvac verməsi və ondan bir alət kimi istifadə etməsi olmuşdur. Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşməsi bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Çünki Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaradılmışdır.
Erməni millətçiliyinə qarşı mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlament-lərindən və hökumətlərindən XIX–XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələ-cəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənməkdədir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya və Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 23 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, mötəbər beynəlxalq təşkilatların əsas müzakirə mövzularından biridir. Həmin təşkilatların qəbul etdikləri sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb edilmiş, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.
Münaqişənin sülh yolu ilə nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəlmişdir. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir.
Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu ötən ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutmuşlar. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olmuşlar. Geniş miqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarmışdır. Ermənistan silahlı qüvvələrinin bu cür təxribatları indiyədək də davam edir.
Digər tərəfdən, erməni tərəfi Azərbaycana qarşı çirkin əməllərinə haqq qazandırmaq üçün heç bir fitnəkarlıqdan çəkinmir, iştirakçısı olduğu Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların üzvlərini öz təxribatlarına cəlb etməyə çalışır. Erməni millətçiləri və onların havadarları Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasını daha da genişləndirirlər.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini çətinləşdirən bu cür fəaliyyətin qarşısının alınması üçün göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq, qərara alır:
1. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
3. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər.
4. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.
5. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Biz indi müzakirələr aparırıq. Səhər dedik 22 ştat, artıq məlum oldu ki, dünən axşam Amerikanın bir ştatı da, Arizona ştatı da 23-cü ştat olaraq Xocalı soyqırımını qətliam kimi tanımışdır. Mən sizə söylədim, verilən təkliflər nəzərə alınacaq. Xahiş edirəm, əsas kimi qərara münasibət bildirək.
Səsvermənin nəticələr (saat 15.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, həm millət vəkilləri, həm də parlament işçiləri fevralın 26-da Xocalı abidəsinə yürüşdə iştirak edəcəklər. Xahiş edirəm, vaxtında olaq. Sağ olun.