10.03.2017 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 36

Milli Məclisin iclas salonu.
7–10  mart 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 13.06 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti.

*   *   *

Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizəd.
Vadim Xubanov, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizəd.
Aftandil Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizəd

*   *   *

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Faiq Ağayev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin  müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini, İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri.
Nəcəf Tağıyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin  İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.

*   *   *

Mətin Eynullayev, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Laləzar Cəfərova, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri.

*   *   *

Teymur Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin İqtisadiyyat komitəsinin sektor müdiri.

*   *   *

Elmir Vəlizadə, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini.
İsfəndiyar Əliyev, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri.

*   *   *

İdris İsayev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Zakir Babayev, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru.
Yalçın Müslümov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri.
Çingiz Əliyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün  seçilməsi haqqında.
2. A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında.
3. V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında.
4. A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında.
5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
6. “Məktəbəqədər təhsil haqqında”  Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuşun davamı).
7. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə görüş.

Çıxış etmişlər:  Oqtay Əsədov, Mehriban Əliyeva, Siyavuş Novruzov, Fəzail İbrahimli, Sahibə Qafarova, Ziyafət Əsgərov, Azay Quliyev, Məlahət İbrahimqızı, Rauf Əliyev, Bahar Muradova

Gündəlik haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün  seçilməsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

2. A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Elmira Süleymanova, Zahid Oruc, Fazil Mustafa, Elmira Axundova, Bahar Muradova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi


6. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuşun davamı).

Çıxış etmişlər:  Oqtay Əsədov, Musa Qasımlı, Jalə Əliyeva, Sona Əliyeva, Bəxtiyar Əliyev, Xanhüseyn Kazımlı, Qənirə Paşayeva

Təklif: Layihənin adı, preambulası, 1–20-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif:  21–25-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.33 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

8. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.34 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

9. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Məlahət İbrahimqızı, Fazil Mustafa, Siyavuş Novruzov, Əflatun Amaşov, Qənirə Paşayeva, Sədaqət Vəliyeva, Sevinc Fətəliyeva, Vüsal Hüseynov,  Elmir Vəlizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

10. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.19 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

12. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli, İdris İsayev, Ziyafət Əsgərov, Əli Məsimli, Fərəc Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Adil Əliyev, Xanhüseyn Kazımlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.50 dəq.)
Lehinə 98
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

7 mart  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, icazə verin, iclasa başlamazdan qabaq deyim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ilk dəfədir, Milli Məclisə təşrif buyurub. Mən istəyirəm, hamımızın adından onu salamlayaq və yüksək dövlət vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edək! (Alqışlar.) 
Mehriban xanım öz doğma evinə, Milli Məclisə gəlib. Bilirsiniz ki, Azərbaycanın ictimaisiyasi həyatında  Mehriban xanımın çoxşaxəli fəaliyyəti var. Bu fəaliyyətlərdən biri də budur ki, Mehriban xanım Milli Məclisdə 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olub və bir deputat kimi dövlətimizə, xalqımıza xidmət edib. Ona görə biz bunu qeyd eləməyə bilmərik. Ölkəmizdə parlament mədəniyyətinin inkişafında Mehriban xanımın çox böyük rolu olub. Dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib.
Mehriban xanım bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub, o cümlədən 4 amnistiya aktının müəllifidir. Hər amnistiya aktı təqribən 10 min məhbusa şamil edilib. Həm amnistiya olunmuş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanımın nə qədər ailəyə sevinc bəxş elədiyini təsəvvür edə bilərik.
Milli Məclisdə fəaliyyəti dövründə Mehriban xanım Amerika Birləşmiş Ştatları, Fransa parlamentləri ilə dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentləri ilə dostluq qruplarının üzvü olmuşdur. Beləliklə, o, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox böyük işlər görmüşdür. Azərbaycan parlamentini xaricdə layiqincə təmsil etmiş, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi etmişdir.
Bir sıra ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban xanım həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. O, bu partiyanın möhkəmlənməsi, sıralarının artırılması üçün çox böyük əmək sərf edir.
Onun geniş ictimai və xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar ona üz tutur, ondan kömək istəyir. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Bu mənada Mehriban Əliyeva, sözün həqiqi mənasında, millət vəkilidir və mən əminəm ki, yeni vəzifəsində də millətinin vəkili olaraq qalacaqdır.
Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə həmkarımız Mehriban xanım məsləhət bilinib. İcazə verin, bu qərarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə Milli Məclisin adından öz dərin minnətdarlığımızı bildirək. Biz inanırıq ki, Mehriban xanım həmişə olduğu kimi, bu vəzifədə də xalqına, millətinə qulluq edəcəkdir. İcazə verin, bir daha hamımız adından Mehriban xanımı təbrik edək, bu çətin işində, şərəfli fəaliyyətində ona müvəffəqiyyət arzulayaq. (Alqışlar.)
İndi icazə verin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanıma söz verək. Buyurun, Mehriban xanım.
M.Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən 10 ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.
Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olmuşdur. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir.
Əziz həmkarlarım, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin Sədri Oqtay müəllimin böyük əməyi vardır. O, 10 ildən artıqdır ki, Milli Məclisin Sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətli millət vəkilləri, namizədliyimin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günə qədər  aparılmış işlər barədə qısa məlumat vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilmiş, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınmışdır.
Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılmasını daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində mən rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarı ilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da 10 minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə öz dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək.
Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat naminə” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibb müəssisəsidir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılmışdır.
Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədi ilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcbur tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin  edilməsi haqqında qanun qəbul edildi.
Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfensiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun – ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.
Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inan hər bir insanı bu  yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam.
Son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Fürsətdən istifadə edərək səmimi ürək sözlərinə və dəstəklərə görə mən onların hər birinə öz dərin minnətdarlığımı bildirirəm.
Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart – Ümumdünya Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə sağ olun. (Alqışlar.)
Sədrlik edən. Hörmətli Mehriban xanım, biz hamımız bu səmimi, hərtərəfli çıxışınıza görə Sizə minnətdarlığımızı bildiririk. Siz həmişə olduğunuz kimi, təvazökar və səmimisiniz. Biləsiniz ki, həmkarlarınız gələcək fəaliyyətinizdə həmişə Sizin yanınızda olacaqlar. Bir daha Sizi təbrik edirik.
İndi icazə versəniz, bir neçə deputat söz demək istəyir.
Bizdə qaydadır, yazılırıq. Əgər etiraz yoxdursa, xahiş edirəm, yazılın. Bilirəm ki, ürəyiniz doludur. Ancaq xahiş edirəm ki, bir neçə nəfər çıxış eləsin, çünki Mehriban xanımın işləri çoxdur. Xahiş edirəm, çıxış etmək istəyənlər yazılsınlar. Siyavuş Novruzov.
S.Novruzov. Hörmətli Sədr, hörmətli Mehriban xanım, hörmətli deputatlar! Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibəti ilə hörmətli Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, ona qarşıdakı şərəfli fəaliyyətində böyük uğurlar arzulayıram. Mehriban xanım çoxəsrlik Azərbaycan tarixində siyasətin yalnız kişilərə məxsus bir sənət olmadığını öz parlaq şəxsiyyəti və  fəaliyyəti ilə sübut etmiş görkəmli ictimai-siyasi xadimdir. Bu baxımdan Mehriban xanımın təyinatı cəmiyyətin sosial sifarişi olmaqla yanaşı, xalqımızın və dövlətimizin qələbəsidir, əsrin əvvəllərində Şərqdə qadınlara ilk siyasi hüquqlar tanıyan Azərbaycan demokratiyasının müasir inkişaf və təkamülünün bariz təzahürüdür.
Bu təyinat Yeni Azərbaycan Partiyası üçün ikiqat əlamətdardır və bütün üzvlərimiz tərəfindən çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır. Belə ki, Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçirilmiş V qurultayında Mehriban xanım Əliyevanın partiyanın sədr müavini seçilməsi təşkilatımızın fəaliyyətinə yeni impuls və dinamizm qazandırmışdır. Bu dövrdən etibarən partiyamızın sıralarını zənginləşdirən gənclər, qadınlar onun fəaliyyətini yeni və daha yüksək mərhələyə qaldırmışdır. Ötən müddət ərzində partiyanın beynəlxalq əlaqələri xeyli genişlənmiş, tərəfdaşların sayı artmış və əməkdaşlıq münasibətləri dərinləşmişdir. Təkcə bu fakt Mehriban xanımın böyük ictimai və beynəlxalq nüfuzundan, ona olan ümumxalq sevgisi və inamından xəbər verir.
Cənab Sədr, Sizin də qeyd etdiyiniz kimi, Mehriban xanım Azərbaycan qadınının müdriklik, ləyaqət və nəciblik kimi ən al xüsusiyyətlərinin daşıyıcısıdır. Təsadüfi deyil ki, Milli Məclisdə fəaliyyəti dövründə məhz onun təklif etdiyi amnistiya aktları çərçivəsində minlərcə vətəndaşımız azadlığa qovuşmuş və ya onların məhkumluq müddəti azaldılmışdır. 
Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində unikal çalarları olan zəngin Azərbaycan mədəniyyətinin dünya səviyyəsində təbliği həyata keçirilir. Belə tədbirlərin Avropa və dünyanın aparıcı şəhərlərinin mədəni həyatının mühüm hadisəsinə çevrilməsini, Azərbaycan mədəniyyəti günlərini və təqdimatlarını xüsusi vurğulamaq lazımdır. Həmçinin qeyd etmək yerinə düşər ki, məhz Mehriban xanımın rəhbərlik etdiyi humanitar, ictimai və mədəni diplomatiyamızın sayəsində dünya miqyasında Azərbaycan haqqında dolğun fikir formalaşdırılır.
Mehriban xanımın düşünülmüş, sistemli fəaliyyətində multikulturalizm mühüm aspektlərdən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqamətində xüsusi yer tutur. Ehtiyacı olanlara yardım etmək kimi Azərbaycan xalqının nəcib xüsusiyyətindən və ənənəsindən çıxış edərək Heydər Əliyev Fondu tərəfindən dünyanın bir sıra regionlarında həyata keçirilən humanitar layihələr beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Pakistandan Vatikana, Misirdən Rusiyaya qədər geniş bir coğrafiyanı əhatə edən bu fəaliyyət, əslində, Azərbaycan xalqının mənəvi dəyərləri ilə dünyanı zənginləşdirmək missiyasıdır. Bu müqəddəs və şərəfli missiya həm də Azərbaycan xalqının bəşəriyyətin işıqlı gələcəyi üçün qoyduğu mənəvi sərmayədir.
Mehriban xanımın rəhbərliyi ilə Fondun “Tolerantlığın ünvanı –Azərbaycan” layihəsi çərçivəsində, demək olar ki, ölkəmizin bütün regionlarında çoxsaylı məscid və ziyarətgahlarda, kilsə və sinaqoqlarda əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Bütün bunlar Mehriban xanımın simasında milli-mənəvi dəyərlərə, vətənimizin tarixinə, xalqımızın yüksək mənəvi keyfiyyətinə çevrilmiş tolerantlıq ənənələrinə verilən ali qiymətin ən gözəl nümunəsidir.
Mehriban xanımın bu qədər genişmiqyaslı, çoxşaxəli və hərtərəfli fəaliyyətin öhdəsindən uğurla gəlməsinin başlıca leytmotivi vətənpərvərlikdir. Çünki onun vətənə xidmətinin fəlsəfəsinin təməlində doğma xalqına sonsuz sevgi, Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyev siyasətinə yüksək sədaqət hisləri dayanır.
Yeni Azərbaycan Partiyasının 700 min üzvü, Milli Məclisdə təmsil olunan 71 deputat yeni təyin olunduğu bu məsul vəzifənin icrasında Mehriban xanıma hər zaman bütün qüvvə və potensialı ilə yardım etməyə hazırdır. Bir daha qayğıkeş ana, vətənpərvər, müdrik və intellektual Azərbaycan qadını kimi adını ən yeni tariximizə yazdıran hörmətli Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edir, şəxsi və ictimai-siyasi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Bütün təbriklərə qoşuluram və vaxtın verdiyi imkanlar daxilində Mehriban xanımın çoxşaxəli fəaliyyətinin yalnız bir məqamı üzərində dayanıram.
Tariximizə şərəfli bir təqvim kimi daxil olmuş Birinci Avropa Oyunlarının açılış mərasimi hər kəsin yaddaşındadır. Kürsüyə millət vəkili, təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva dəvət olunur. Kürsüdə Azərbaycan xalqının bütün həqiqətlərini dünyaya car edən, dünya ictimaiyyətinin nəzər-diqqətini Azərbaycana yönəldən təmkinli və məğrur bir Azərbaycan xanımı dayanıb. İslam əxlaqının bütün dəyərlərinə və Avropanın qabaqcıl düşüncələrinə sahib olmuş bu xanım bütün dünyaya bəyan edir: “Biz bacardıq, qalib gəldik, buyurun, bu mənim dövlətimin qüdrəti, təşkilatçılıq bacarığı, bu mənim xalqımın milli və mənəvi dəyərləri. Tanış olun, baxın, baxın. Diqqətlə baxın!!!”.
Həmin məqamda bu səhnəni özündə tam birləşdirən dahilərin bir fikri yadıma düşdü: “Bal arısı mumdan şan qayırmaqla ən məşhur memarları utandırır”. Utandırdınız, Mehriban xanım, o oyunları boykot eləmək istəyinə düşənləri, onların havadarlarını, Azərbaycanı sevməyənləri, genetik kodunda Azərbaycan elementi daşıyanları, nimdaş düşüncə ilə Azərbaycanın tarixinə, mədəniyyətinə, mənəviyyatına yanaşanları. Bunların içərisində isə ən vacib, ən ciddi bir məqam var idi.  Azərbaycanın haqq işinə daim qərəzlə yanaşan, o səhnəni seyr edən nimdaş sifətləri, boz üzləri utandırdınız. Siz həmin məqamda təşkilatçılıq qabiliyyətinin və söz qüdrətinin zirvəsində dayanıb millətin ruhunu o zirvəyə qaldırdınız. Həmin zamanda sanki Azərbaycan xalqı paklıq səmalarında, idrak dağlarının zirvəsində göründü.
Bütün fəaliyyətinizi kənara qoysaq, təkcə həmin məqam, millətin ruhuna köklənmiş həmin an tutduğunuz vəzifədə Sizə tam siyasi və mənəvi bəraət qazandırır. Sizi vəzifəniz münasibətilə təbrik edirəm. Sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Yaşayın, yaradın, sevilin, sevin. Övladlarınızla, nəvələrinizlə sevinin və bu xalqı əməllərinizlə sevindirin. Təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, minnətdaram. Buyurun, Sahibə Qafarova.
S.Qafarova. Sağ olun, hörmətli Oqtay müəllim. Məndən əvvəl çıxış edən həmkarlarımın sözlərinə qoşularaq çoxhörmətli Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə ürəkdən təbrik edirəm, ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Əlbəttə, mən bir millət vəkili olaraq Mehriban xanım Əliyevanın ölkəmizi və Azərbaycan xalqını bütün dünyada yüksək səviyyədə təmsil etməsindən və bu yolda əldə etdiyi uğurlardan qürur hissi keçirirəm. Mehriban xanım bu yüksək vəzifəyə layiq olduğunu öz uğurlu fəaliyyəti ilə sübuta yetirib. Bu fəaliyyət bir çox sahələri əhatə edir. Bunun nəticəsidir ki, Mehriban xanımın adı Azərbaycan cəmiyyətində xeyirxahlıq və mərhəmətlə assosiasiya olunur.
Eyni zamanda, Mehriban xanımın həm Milli Məclisin üzvü, həm Heydər Əliyev Fondunun prezidenti, həm də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti bizlərə yaxşı məlumdur. Bu illər ərzində görülən işlərin əsas məqsədi dövlətimizin, xalqımızın maraqlarını qorumaq və Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim etmək olub. Məhz bu uğurlu fəaliyyətin nəticəsində düşünürəm ki, Azərbaycanın dünyadakı dostlarının sayı artıb. Bu isə bildiyimiz kimi, beynəlxalq aləmdə, beynəlxalq mühitdə heç də asan iş deyil.
Məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fransa–Azərbaycan dostluq qrupunun və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi tam əminliklə deyə bilərəm ki, hər zaman Mehriban xanımın rəhbərliyi ilə keçirilən tədbirlərdən sonra Fransada və ümumiyyətlə, Avropada bizə münasibətin daha müsbətə doğru dəyişməsini hiss etmişik. Mehriban xanım Əliyevanın fəaliyyəti deputatlara həmişə örnək olub. Düşünürəm ki, bu da bizim beynəlxalq təşkilatlarda fəaliyyətimiz üçün çox böyük stimul olub. Onun işinin uğurlu nəticələri çox zaman bizim çıxışlarımızın məzmununa çevrilib.
Hörmətli millət vəkilləri, bu gün bütün dünyada Azərbaycan tolerant və multikultural ölkə kimi tanınır. Şübhəsiz, bunun bir səbəbi də Mehriban xanımın Şərqdə və Qərbdə, müsəlman və xristian dünyasında həyata keçirdiyi layihələr olub. Bir çox ölkələrdə bərpa olunan və yenidən tikilən məscidlər, kilsələr, sinaqoqlar, məktəblər, xəstəxanalar, mədəni-tarixi abidələr məhz Mehriban xanımın təşəbbüsü nəticəsində ərsəyə gəlib.
Çoxhörmətli Mehriban xanım, Sizin hərtərəfli, ləyaqətdolu fəaliyyətiniz haqqında fəxrlə deyiləsi söz çoxdur, ancaq təəssüf ki, zaman azdır. Mən Sizi bir daha ürəkdən təbrik edirəm və əminliklə bildirirəm ki, Siz bu məsuliyyətli vəzifəni yüksək bacarıqla və şərəflə icra edəcəksiniz. Siz bu gün Milli Məclisdən ayrılırsınız və çoxhörmətli Oqtay müəllimin sözlərini təkrar eləmək istəyirəm. Əmin olun ki, biz – millət vəkilləri həmişə Sizin yanınızdayıq. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov, buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Mehriban xanım, hörmətli həmkarlarım! Mən Mehriban xanımın bir siyasətçi, deputat həmkarımız kimi insani və işgüzar keyfiyyətlərindən danışmazdan əvvəl keçirdiyimiz referenduma bir balaca ekskursiya eləmək istəyirəm. Bilirsiniz ki, biz 2016-cı il 26 sentyabrda referendum keçirdik. Bu referenduma 29 məsələ çıxarılmışdı, onların 23-nə dəyişikliklər elədik və Konstitusiyaya 6 əlavə maddə daxil elədik. Onlardan biri də Birinci vitse-prezident və vitse-prezident institutunun təsbit olunması idi.
Sual oluna bilər ki, bu institutun Azərbaycan Konstitusiyasına daxil olmasını zəruri edən səbəblər nə idi? Mən sizin vaxtınızı çox almamaq  şərtilə onlardan bir neçəsini deyəcəyəm. Onları deyib, sonra əsas məqsədə keçəcəyəm, çünki bunun mənası var.
Birincisi, sözsüz ki, siyasi idarəetmə mexanizminin təkmilləşdirilməsi və onun müasir dövrün tələblərinə cavab verməsi prezident üsuliidarəsinin, yəni prezident idarəetmə formasının mövcud olduğu ölkələrdə çox vacibdir. Bilirsiniz, Azərbaycan idarəetmə formasına görə prezidentli respublikadır və bu xüsusiyyətlərdən biri buradan qaynaqlanır.
İkinci məsələ icra hakimiyyətinin təkmilləşdirilməsi, icra intizamının möhkəmləndirilməsi ilə bağlıdır.
Üçüncü, sosial-iqtisadi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi məsələsidir.
Nəhayət, dördüncüsü, Konstitusiyamızın 12-ci maddəsində yazıldığı kimi, Azərbaycan dövlətinin ali məqsədi insanların hüquq və azadlıqlarının təmin edilməsindən, onlara ləyaqətli həyat şəraitinin yaradılmasından ibarətdir.
Hörmətli həmkarlar, mən bu referendum məsələsinə nə üçün toxundum? Ona görə ki, bu məsələlərin bilavasitə Azərbaycan dövlətinin sosial-hüquqi mahiyyəti ilə əlaqəsi var, çünki Azərbaycan dövləti həm də bir  sosial fenomendir. Biz, adətən, dövləti fenomen kimi sosiologiyada,  fəlsəfədə, hüquqda və müxtəlif elmlərdə öyrənirik. Amma bu gün  Azərbaycan Konstitusiyasında təsbit olunduğu kimi, Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda, sosial dövlətdir, yəni sosial bir fenomendir. Mehriban xanımın özünün də dediyi kimi, əgər o, əsasən, sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük töhfə vermiş olacaqdır.  Eyni zamanda, tam əminliklə onu da deyə bilərəm ki, çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir adam olan Mehriban Əliyeva bu sahədə özünün dediyi kimi, möhtərəm Prezidentimizin ən yaxın silahdaşı olaraq ona yardımçı olacaq.
Mən digər bir məsələyə toxunmaq istəyirəm. O da Mehriban xanımı xarakterizə edən onun insani keyfiyyətlərindən biridir, onun humanistliyi ilə bağlıdır. Artıq özü də, hörmətli cənab Sədr də, həmkarlarımız da qeyd elədilər, bu günə qədər Azərbaycanda hörmətli Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktı nəticəsində on minlərlə insan öz ailəsinə qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquqla bağlı məsələ deyil, bu, bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir.
Mən bir məsələni də mütləq qeyd eləmək istəyirəm. Bu yaxınlarda, fevral ayının 10-da cənab Prezident gözəl bir sərəncam imzaladı. Mən buna inqilabi sərəncam deyərdim və bu da bizim dövlətin sosial-hüquqi mahiyyəti ilə bağlı olan bir məsələdir. Bu sənəd penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan dövləti mahiyyəti etibarilə humanist dövlətdir. Cəza siyasətinin humanistləşdirilməsi isə bizim dövlətimizin humanist xarakterinə uyğunlaşdırılmasını özündə ehtiva edir. Ona görə də hesab edirəm ki, yəqin, sərəncamın həyata keçirilməsi ilə bağlı parlamentdə də qanunverici aktlarına əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunların qəbul edilməsi zərurəti meydana çıxacaq. Sözsüz ki, bu sahədə Mehriban xanımın töhfələri geniş olacaq.
Mən fürsətdən istifadə edib, Mehriban xanım, bir daha Sizi bu yüksək dövlət vəzifəsinə təyin olunmanız münasibətilə ürəkdən təbrik edirəm, Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev. Bu gün hamınızın ürəyi doludur, çox danışa bilərik. Xahiş edirəm, imkan yaradaq ki, digərləri də çıxış eləsinlər. Buyurun.
A.Quliyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Birinci vitse-prezident, hörmətli deputatlar! Hörmətli Mehriban xanım, icazə verin, mən də Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə ürəkdən təbrik edim, belə bir mühüm və məsuliyyətli dövlət işində Sizə uğurlar arzulayım. Sizin ali dövlət vəzifəsinə təyin olunmağınız ölkə vətəndaşları və dünyada yaşayan soydaşlarımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı, beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildi. Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəaliyyətinizlə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və rəğbət qazanmısınız.
Sizin ulu öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini yeni nəsillərə çatdıran çoxşaxəli fəaliyyətiniz, xalq və dövlət qarşısındakı xidmətləriniz haqqında saatlarla danışmaq olar. Mübaliğəsiz demək olar ki, təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə və həyata keçirdiyiniz milli və beynəlxalq layihələrə görə hər kəs Sizə hörmət edir və minnətdarlığını bildirir.
Siz Azərbaycanda kimsəsizlərin və köməyə ehtiyacı olanların ümid yeri və dayağısınız. Azərbaycanda humanizm, mərhəmət və xeyriyyəçilik ənənələrinin yenidən canlanması Sizin adınızla bağlıdır. Siz Milli Məclisin deputatı kimi, məhbəsdə olan vətəndaşlarımızı da unutmamış, parlament  tərəfindən qəbul edilən dörd amnistiya aktının müəllifi olaraq on minlərlə məhbusun azadlığa çıxmasına və onların bağışlanmasına nail olmusunuz.
Bu gün qədim muğam sənəti Sizin sayənizdə özünün intibah dövrünü yaşayır. YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi və şifahi irsinin şah əsəri kimi qorunur.
Hörmətli Mehriban xanım, Siz dünya mədəniyyətinə və sivilizasiyalararası dialoqa  çox böyük töhfələr vermisiniz. Ümumdünya mədəni irsinin bir hissəsi olan Vatikandakı müqəddəs Marçelino və Pyotr katakombalarını bərpa etməyiniz bir müsəlman ölkəsinin xristianlıq dəyərlərinin qorunub saxlanmasına yardımı kimi tarixə düşdü. Bütün Qərb mətbuatı Sizin bu addımınızı dinlərarası və mədəniyyətlərarası dialoqa verilən sanballı töhfə, Azərbaycanı isə müasir, inkişaf etmiş, tolerant ölkə kimi təqdir etdi.
Siz Azərbaycanın haqlı davası, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipial mübarizə aparırsınız. Sizin qeyri-hökumət təşkilatlarına və bütövlükdə vətəndaş cəmiyyətinə verdiyiniz hərtərəfli dəstək son dərəcə qiymətlidir. Fürsətdən istifadə edib Azərbaycanımız üçün etdiklərinizə, dövlət və millət adına göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə Sizə ictimaiyyət adından dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Birinci vitse-prezident və cənab Prezidentin ən yaxın silahdaşı kimi Siz bundan sonra da daha mühüm layihələrə imza atacaqsınız. Bu işdə Sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox təşəkkür edirəm. Cənab Sədr, möhtərəm Birinci vitse-prezident! İcazə verin, fürsətdən istifadə edərək ali təyinatınızın ölkə ictimaiyyətində, eləcə də Azərbaycan qadınlarında yaratmış olduğu və hələ də ayrıla bilmədiyimiz sonsuz sevinc duyğularını Sizə çatdırım və qeyd edim ki, möhtərəm Mehriban xanım, Azərbaycan ictimaiyyəti bu təyinatı səbirsizliklə və özü də çoxdan gözləyirdi. Xalqımızın da etimadını özündə əks etdirən bu sərəncama görə ictimaiyyət tərəfindən Sizə xeyir-dua edilməklə bərabər, möhtərəm Prezidentimizə də sonsuz təşəkkürlər bildirilir.
Möhtərəm Birinci vitse-prezident! İlk müsahibələrinizin birində “həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir” – deyərək gələcək nəcib missiyanızın yol xəritəsini insanlara çatdırdınız. Bu yolda gördüyünüz misilsiz fəaliyyətinizə görə Sizi mədəniyyətin qoruyucusu və təbliğatçısı, səhiyyənin və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi adlandırdılar. Beynəlxalq aləmdəki fəaliyyətinizlə ölkəmizin və Sizin simanızda “Azərbaycan qadını”nın adını yüksəklərə qaldıraraq onun əzəmətli obrazını yaratdınız. Siz insanlara xidmət etməkdən yorulmadınız, əksinə, bundan zövq aldınız və xidmət etdikcə şöhrətinizlə Vətənimizə başucalığı gətirdiniz, mərhəmətin və vicdanın Vətəninə və vətəndaşına xidmət etməkdə təməl prinsipləri olduğunu əməlinizlə sübut etdiniz.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yorulmadınız, yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən haqq səsi oldunuz. Təkcə xalqımızın yaratmış olduğu maddi və mənəvi irsin müdafiəçisi olmaqla getmədiniz, həm də dünyanı min illər boyu qazanılmış bəşəri dəyərləri qorumağa çağırdınız. Sivilizasiyalararası dialoqa öz töhfələrinizi verdiniz. Sizin təşəbbüsünüz və təşkilatçılığınızla ölkəmizdə və xaricdə onlarla ali tədbir keçirildi.
Möhtərəm Birinci vitse-prezident, “həyatda nə böyük, nə də kiçik rollar olmur, kimsənsə elə də olmalısan, çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir” deyərək düşüncə və baxışlarınızı insanlarla paylaşdınız. Bu mənada hansı işi görməyə qərar verdinizsə, hansı layihəni gerçəkləşdirdinizsə, uğur və nailiyyətlərə imza atdınız. Qazandığınız hər uğurda ölkəsini sevməyin, ona xidmət etməyin, onun elçisi olmağın formulunu göstərdiniz.
Siz dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə, inanclara, rənglərə malik insanları dialoqa çağırdınız. Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə gördünüz. İnsanları güc dili ilə deyil, mədəniyyət və humanizm dili ilə münasibətlər qurmağa çağırdınız. Birgə yaşamağın mümkünlüyünü xalqımızın nümunəsində sübut etdiniz. Ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, onlar üçün ümid yeri olmağın yolunu göstərdiniz. Bunun nəticəsidir ki, ölkəmizdə və müxtəlif ölkələrdə, mötəbər beynəlxalq təşkilatlarda hansı titullara, mükafatlara və vəzifələrə layiq görüldünüzsə, Siz milli və bəşəri dəyərlərə xidmət etmənin rəmzinə çevrildiniz.
Əziz və möhtərəm Mehriban xanım, bu gün Siz yeni bir yolun, ali vəzifənizin uğurlu başlanğıcındasınız. Sizin dünya görüşünüzdə istənilən vəzifə xidmətdir, xalqına və ölkəsinə şərəf gətirməkdir. Bu yolda bir daha Sizə ölkəmizin və xalqımızın gələcəyi naminə sonsuz nailiyyətlər arzulayıram. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Mən əvvəl dedim ki, vaxtımız bir az dardır. İndi görürəm ki, Rauf Əliyev yazılıb. O da Xəzər rayonundan deputat seçilib. Rauf müəllim, buyurun.
R.Əliyev. Mən Mehriban xanımı Birinci vitse-prezident təyinatı münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. 2005-ci ildən Xəzər rayonunun 14 saylı seçki dairəsindən 3 çağırış millət vəkili seçilmiş Mehriban xanım bu gün öz çıxışında Xəzər rayonunda görülən işlərdən danışdı. Təbii ki, bu illərdə görülən işlər çoxdur, amma danışmaq üçün vaxt çox məhduddur. Ona görə mən qısa danışmaq istəyirəm. Belə ki, bu illərdə Xəzər rayonunda xeyli sosial-iqtisadi layihələr həyata keçirilib. Qəsəbələrdə 42 məktəb, 20 uşaq bağçası, körpələr evi, 16 internat evi, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid binası tikilmiş və təmir olunmuşdur. Bu obyektlərin hamısı ən müasir avadanlıqla təchiz olunmuşdur. Sahil qəsəbəsində Şağan Olimpiya İdman Kompleksi, Mərdəkan qəsəbəsində tamaşaçı tutumu 6700 nəfər olan Dalğa Arena stadionu, Binə qəsəbəsində 600 tamaşaçı yeri olan stadion, Zirə  qəsəbəsində idman kompleksi, Zirə Müalicə Diaqnostika Mərkəzi, Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyası istifadəyə verilmişdir.
Bununla bərabər, gənclərin asudə vaxtını təmin etmək üçün Şüvəlanda Gənclər Evi tikilmişdir. Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbi və 5 saylı peşə məktəbi tikilib istifadəyə verilmişdir. 2008-ci ildə Qala qəsəbəsi ərazisində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılmışdır.
Bu işlər görülərkən Xəzər rayonunda kommunal məsələlər də həyata keçirilib. Beləliklə, bu illərdə işıq naqilləri, qaz kəmərləri, su boruları dəyişdirildi, çətin problemlərdən biri olan kanalizasiya məsələsi həll olundu, daxili yollar yenidən çəkildi, körpülər tikildi. Nəticədə Xəzər rayonunun  bütün qəsəbələrinin infrastrukturu dəyişdi. Bu gün də bu işlər davam edir.
Hörmətli Mehriban xanım hər zaman seçiciləri ilə görüşdə onların tövsiyələrini, qaldırdıqları problemləri daim nəzarətdə saxlayır. Hörmətli Mehriban xanım da vurğuladı, Heydər Əliyev Fondunun nəzdində Xəzər Rayon İnkişaf Fondu yaradılmışdır. Bütün işlər proqramlı şəkildə öz həllini tapır. Vurğulamaq istəyirəm ki, bu layihələrin hamısı həyata keçib. Mehriban xanımın tapşırığı ilə bu gün Türkan qəsəbəsində idman kompleksi, Buzovna qəsəbəsində idman kompleksi, Şağan qəsəbəsində böyük mədəniyyət evi, Buzovnada uşaq və yeniyetmələr üçün sümük-vərəm sanatoriyası ilə bağlı görülən işlər artıq öz həllini tapıb. Hesab edirəm ki, bu il o, açılışlarda iştirak edəcəkdir. Hörmətli Mehriban xanım, görülən bu işlərə görə Xəzər rayonunun əhalisi, seçicilər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Siz bu gün hərtərəfli fəaliyyətinizlə sübut etdiniz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə Azərbaycanın daha da sürətli inkişaf etməsi istiqamətində apardığınız şərəfli işi uğurla davam etdirəcəksiniz. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Mən söylədim ki, vaxtımız çox azdır.
B.Muradova. Oqtay müəllim, mən hiss edirəm ki, Siz bitirmək istəyirsiniz. Xahiş edirəm, mənə də söz demək hüququmdan istifadə üçün şərait yaradasınız, bir neçə kəlmə bugünkü hadisə haqqında danışım.
Sədrlik edən. Bu gün 8 martdır, buyurun.
B.Muradova. Ona görə istifadə etdim. Təşəkkür edirəm. Çox hörmətli Mehriban xanım, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün biz tarixi bir anın həm şahidi, həm də iştirakçısıyıq. Azərbaycan dövləti, Azərbaycan parlamenti yarandığı və fəaliyyət göstərdiyi bu müddət ərzində hər gün yeni-yeni hadisələrin, tarixi miqyası və əhəmiyyəti yüksək olan proseslərin içərisində olub və bir çox yeni ənənələr, yeni adətlər, yeni layihələrə imza atıb. Bu gün də hesab edirəm ki, Azərbaycan parlamentinin tarixində yeni bir ənənənin bünövrəsi qoyulur. Bir neçə gün bundan qabaq həmkarımız haqqında bu gün çox böyük hörmət və ehtiramla danışdığımız, fəaliyyəti ilə qürur duyduğumuz, onunla birlikdə neçə illər bu parlamentin divarları arasında fəaliyyət göstərdiyimiz Mehriban xanım seçildiyi dairədə öz seçiciləri qarşısında oldu, onlarla görüşdü. Onlara etdiyi xidmətlə bağlı hesabat verdi və onların da ona olan arzularını, istəklərini dinlədi.
Bu gün də Milli Məclisdə bir millət vəkili olaraq hesabatla çıxış etdi. Mən hesab edirəm ki, Birinci vitse-prezident səlahiyyətlərinə başlamamışdan əvvəl o, millət vəkili kimi həm xalqa, həm dövlətə, həm də Milli Məclisə hesabatını verdi. Bu çox gözəl bir ənənədir. Mən arzu edirəm ki, bura millət vəkili kimi gəlmiş, bu binadan vitse-prezident kimi çıxan Mehriban xanım tarixin, zamanın və dövlətimizin onun üzərinə qoyduğu bu missiyanı çox böyük ləyaqətlə, çox böyük nailiyyətlərlə həyata keçirsin. Belə də olacağına əminəm, çünki biz ondan yalnız belə fəaliyyət, xalqa belə xidmət, Vətənə belə xidmət görmüşük.
Mehriban xanım öz gördüyü işlər haqqında danışdı. Zatən onu danışmağa da ehtiyac yoxdur. Bu gün bütün Azərbaycan vətəndaşları, Azərbaycana hörmət edən, onunla əlaqələrə üstünlük verən digər ölkələr, beynəlxalq təşkilatlar, mədəniyyətlər, sivilizasiyalar, dinlər və onların nümayəndələri bu müddət ərzində bu fəaliyyəti izləyiblər. Çoxu öz ölkəsində o fəaliyyəti gözləyiblər, onun nəticələrindən bəhrələnməkdədirlər. Mən hesab edirəm ki, Mehriban xanımın Heydər Əliyev ideyaları ilə silahlanaraq, milli-mənəvi dəyərlərimizə söykənərək peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə üz-üzə dayanmış iki dünyanı – Qərb və Şərqi, dinləri, sivilizasiyaları, mədəniyyətləri bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan düzənin, nizamın yaxşılaşması, harmoniyanın əldə olunması üçün çox faydalı bir fəaliyyətdir. Təkcə buna görə Mehriban xanım adını bütün dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazmışdır. Buna görə biz Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Mehriban xanım Azərbaycan qadınlarının tarix boyu əldə etdiklərinin üzərinə çox böyük bir uğur gətirdi. Bu gün o, ali icra hakimiyyəti orqanında yüksək bir vəzifə daşıyıcısıdır. Bununla da o, Azərbaycan qadınının dövlətin ictimai-siyasi həyatında nəyə qadir olduğunu həm göstərdi, həm də bundan sonra onun hansı faydalar verəcəyini bizə sübut etdi.
Siz burada bir vəd verdiniz ki, bundan sonra da Xəzər rayonuna, seçildiyiniz dairəyə xidmət göstərəcəksiniz. Bizim də Sizə bir vədimiz var ki, nəinki Xəzər rayonu, bütün dairələrdə, bütün regionlarda Sizin adınızla göstərilən fəaliyyətdə həmişə Sizin yanınızda olacağıq. Biz həmkarlarınız, sizə dəstək, dayaq olan Azərbaycan vətəndaşları kimi hər zaman yanınızda olacağıq, uğurlarınızdan sevinəcəyik, problemlərin həllinə birgə qoşulacağıq. Biz Sizə arxayın olduğumuz kimi, Siz də bizə arxayın olub istinad edə bilərsiniz.
Əlbəttə, bütün fikirlər səslənib, çox sözlər söyləmək olar. Oqtay müəllim əlini belə vuraraq mənə işarə edir ki, vaxt bitir, amma təbii ki, ürəkdəki sözlər bitmir. Dünən MSK Sizin fəaliyyətinizə xitam verdi, bu gün də Siz burada, bizim qarşımızda xitam verdiniz. Amma xalqa, dövlətə, millətə xidmət missiyası davam edir. Mən Sizə bu missiyanızın yerinə yetirilməsində uğurlar arzulayıram. Qoy bu çətin, eyni zamanda, şərəfli işinizdə Sizi daim uğur gözləsin, uğur izləsin, yolunuz hər zaman açıq olsun. Təbrik edirəm, Sizi. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Buyurun, Mehriban xanım.
M.Əliyeva. Hörmətli Sədr, hörmətli həmkarlar! Mənim haqqımda dediyiniz xoş sözlərə, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Mən əminəm ki, hər bir qələbənin, hər bir böyük nailiyyətin arxasında eyni fikirli, eyni niyyətli, etibarlı, güclü vahid komanda  durur.
Yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük optimizmlə baxıram. Çünki mənim sizin kimi həmkarlarım, məni dəstəkləyən minlərlə soydaşlarım var və İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan Prezidentimiz var. (Alqışlar.) Biz birgə əyilməz gücük və əminəm ki, Azərbaycanın gələcəyi, müstəqilliyimizin bərkiməsi üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə, birlikdə, bir komanda kimi həyata keçirəcəyik. Çox sağ olun. (Alqışlar.)

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar, iclasımız davam edir. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 13.06 dəq.)
İştirak edir 97
Yetərsay 83

Yetərsay var, çox sağ olun.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqındadır. Gündəlik sizə paylanıb, İqbal Məmmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçilməsi ilə bağlı qərar layihəsidir. Xahiş edirəm, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqındadır. Ziyad müəllim, buyurun, hər 3 namizəd haqqında məlumat verin.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Çox xoş təəssürat altındayıq. Mən də Mehriban xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsi münasibəti ilə təbrik edirəm və əminəm ki, Mehriban xanım Azərbaycanın sosial-iqtisadi inkişafında öz layiqli rolunu oynayacaqdır.
Hörmətli Ziyafət müəllim, 3 məsələdir. İcazə verin, hamısı haqqında məlumat verim, sonra ayrı-ayrılıqda səsə qoyarıq. Məsələ Alim Quliyevin, Vadim Xubanovun, bir də Aftandil Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin edilməsi barədədir.
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində bu namizədlər haqqında fikir mübadiləsi aparıldı və millət vəkilləri yekdilliklə bəyan etdilər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin ən vacib iqtisadi strukturlarından biridir. Müasir şəraitdə pul-kredit siyasətinin təkmilləşdirilməsi ən vacib amillərdəndir.
Adları çəkilən insanlar – Alim Quliyev, Vadim Xubanov, Aftandil Babayev 20 ildən artıqdır ki, Mərkəzi Bankda işləyirlər, respublikamızın çox dəyərli iqtisadçılarıdırlar, müstəqil Azərbaycan Respublikasının bank sisteminin formalaşmasında müstəsna xidmətləri var. Onlar haqqında geniş danışmağa ehtiyac yoxdur, çünki bu şəxslər barədə məlumatlar sizə paylanılıb. Ona görə mən komitəmizin adından təklif edərdim ki, onların namizədliyini təsdiq edək. Onlar haqqında çox müsbət rəy verilib. Xahiş edirəm ki, millət vəkilləri bu məsələyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar, hər 3 namizəd haqqında komitənin rəyi və qərarı sizə paylanıb. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, Alim Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Vadim Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Aftandil Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Beləliklə, hər 3 namizədin üzvlüyü təsdiq olundu. Təbrik edirəm, işlərinizdə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında Elmira xanım Süleymanova məlumat verəcək. Buyurun, Elmira xanım.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Əvvəla, çox şadıq ki, belə bir tarixi hadisənin şahidi və bu prosesin iştirakçısı olduq. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanı ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edirik, ona böyük uğurlar arzulayırıq. Qadın millət vəkillərini və ölkəmizin bütün qadınlarını qarşıdan gələn bayram münasibəti ilə ürəkdən təbrik edirəm.
İllik məruzə qabaqcadan tanış olmaq üçün bütün deputatlara paylanmışdır və İnsan hüquqları komitəsində dinlənilmişdir. İcazə verin,  2016-cı ildəki fəaliyyətimizlə bağlı qısa məlumatı diqqətinizə çatdırım.
Ötən il demokratik idarəetmənin təkmilləşməsi və sosial-iqtisadi inkişaf baxımından çox uğurlu olmuşdur. Həm dinamik inkişafın bütün istiqamətlərində, həm də öz təşəbbüsləri, innovativ fəaliyyəti ilə müvəkkil insan hüquq və azadlıqlarının inkişafına xidmət etmişdir. İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq olunması, perspektiv inkişaf hədəflərinin müəyyən edilməsi respublikamız üçün yeni inkişaf dövrünə qədəm qoyulması deməkdir. Dayanaqlı İnkişaf Üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması həm ölkəmizdə, həm də beynəlxalq aləmdə çox yüksək dəyərləndirilmişdir.
Milli əhəmiyyət daşıyan məsələlərdə vətəndaş cəmiyyətinin inkişafının təmin edilməsi, struktur dəyişikliklərinin aparılması və idarəetmənin təkmilləşdirilməsi, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası, məşğulluğun təmin edilməsi və işsizliyin aşağı salınması üzrə yeni istehsal sahələrinin qurulması, ictimai nəzarətin və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin ictimai-siyasi sabitliyin bərqərar olmasında mühüm əhəmiyyəti olmuşdur. Azad sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması, özünəməşğulluqla həvəsləndirmə, yerli borcların tənzimlənməsi, əsassız yoxlamaların qarşısının alınması və başqa tədbirlərlə sahibkarların sərbəst fəaliyyəti üçün münbit şərait yaradılmışdır.
Azərbaycan brendi, insan hüquqlarının  təmin olunması, korrupsiyanın aradan qaldırılması üçün ən səmərəli yeni mexanizm olan “ASAN xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi, kommunal və “ABAD” publik hüquqi şəxsin yaradılması dövlət qurumlarına müraciətlərin asanlaşmasına və əlçatanlığın təmin edilməsinə xidmət etməklə, eyni zamanda, həm əhali, həm də xarici qonaqlar tərəfindən yüksək dəyərləndirilmişdir.
Şəxsiyyət vəsiqələrinin, pasportların verilməsi və vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlərin qəbulu problemləri əhaliyə 200-dən çox xidmət göstərən və 13 milyondan artıq müraciət almış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti nəticəsində, demək olar ki, öz həllini tapmışdır.
Ölkə Prezidentinin Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpası və yeni sahələrin yaradılması, imkanların araşdırılması, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair qanunvericiliyə ciddi əməl olunması, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı məlum sərəncamı müstəqillik illərində ölkəmizdə tədricən həyata keçirilən insanların azadlıq hüququnun təmin olunmasının səmərəliyinin artırılmasında bir sıçrayış olmuş və yeni müstəviyə qalxmışdır.
İlin ən mühüm hadisələrindən biri ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı sayca 3-cü referendum olmuşdur. Həmin referendum təcrübənin təkmilləşdirilməsi və seçki hüququnun təkmilləşməsi baxımından da faydalı təcrübə olmuşdur. Səsvermə prosesini izləmiş milli və beynəlxalq müşahidəçilər referendumun demokratik, azad, şəffaf və ədalətli keçirilməsini yüksək dəyərləndirmişlər. Referendum ərəfəsində Mərkəzi Seçki Komissiyası ilə birgə yerli icra strukturlarının, polis orqanlarının, seçki komissiyalarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirlər və monitorinqlər keçirilmişdir. Referendum günü əməkdaşlarımla Bakıda və ölkənin 52 rayonunda 87 seçki dairəsi üzrə 363 məntəqədə seçkiləri müşahidə etmişik, müşahidələrin nəticəsi kütləvi informasiya vasitələrində ictimaiyyətə çatdırılmışdır.
Ölkə  Prezidenti tərəfindən elan edilmiş multikulturalizm ili ilə bağlı dövlət qurumlarının, yerli icra strukturlarının, vətəndaş cəmiyyəti institutlarının, icmaların, müxtəlif millət və dinlərin nümayəndələrinin iştirakı ilə Bakıda və regionlarda keçirilən silsilə tədbirlər, o cümlədən “Hər bir kəsin insan hüquq və azadlığının təmin edilməsi”, habelə “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda YUNESKO-nun dəstəyi ilə keçirdiyimiz konfranslar xüsusi diqqət çəkmişdir. Beynəlxalq konfrans və forumların iştirakçıları Azərbaycanda multikulturalizm və tolerantlıq təcrübəsinin öz ölkələri üçün örnək olduğunu bildirmişlər.
Aprel döyüşlərindən dərhal sonra cəbhədə düşmənlə təmas xəttinə – Tərtər, Goranboy, Ağdam rayonlarının kəndlərinə, habelə Füzuli rayonunun Horadiz qəsəbəsinə səfərlər edərək düşmən tərəfindən çoxsaylı binaların, evlərin, məktəblərin və digər sosial obyektlərin dağılmasının,  sakinlərin isə öz evlərini tərk etmədiklərinin şahidi olmuş, bir sıra problemlərin həlli üçün səlahiyyətli qurumlara müraciətlər etmişəm. Yeri gəlmişkən, cəbhə bölgəsindəki rayonların infrastrukturunun yaxşılaşdırılması, tibbi və sosial xidmət imkanlarının daha da gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədi ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli naminə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara çoxsaylı bəyanatlarımız göndərilmişdir. Separatçı “Dağlıq Qarabağ Respublikası”nın məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsi ilə bağlı beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişik.
Xocalı soyqırımını dünyaya tanıtmaq məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla vətəndaşlarımızın yürüşü ümumxalq hərəkatının simvoluna çevrilmiş və dünyaya bir mesajdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” aksiyası isə bir çox ölkələrdə minlərlə insanı ayağa qaldırmışdır. 
BMT-nin İnsan Hüquqları Şurasının “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair” Konvensiyasının 65-ci ildönümünə həsr olunmuş 25-ci sessiyasında səsləndirdiyim bəyanat qurumun internet səhifəsində yerləşdirilmiş və iştirakçılara paylanmışdır. Bu il şuranın 34-cü sessiyasına daha 2 bəyanatımız göndərilmiş və qəbul olunmuşdur. Xocalı soyqırımı ilə bağlı beynəlxalq qurumlara, xaricdəki səfirliklərimizə və Azərbaycan diasporlarına  göndərdiyimiz bəyanatlarımız minnətdarlıqla qarşılanmış, tədbirlərdə istifadə olunmuş və yayımlanmışdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlığın nəticəsi olaraq Qusar, Quba, Xaçmaz, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında sərhədçilər, hakimlər və hüquq mühafizə orqanlarının nümayəndələri üçün silsilə təlimlər keçirilmişdir. Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn səylərə dəstək verilməsi məqsədi ilə BMT QAK-la birgə Bakı, Sumqayıt, Goranboy və Mingəçevirdəki məcburi köçkün qəsəbələrində regional təlimlər keçirilmişdir. Bu təşkilatın ölkəmizdəki ofisinin rəhbəri Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğının digər ölkələr üçün yaxşı nümunə olacağını diqqətə çatdırmışdır. Milli fəaliyyət proqramında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına  uyğun olaraq qadınların ictimai fəallığının, əmək bazarında rəqabət qabiliyyətinin artırılması nəticəsində qadın sahibkarlığının inkişafına dəstək verilmişdir.
Əlilliyi olan şəxslərin problemlərinin həlli məqsədi ilə tədbirlər təşkil edilmiş, müraciətləri üzrə araşdırmalar aparılmış, hüquqları təmin edilmişdir. 2014-cü ilədək növbədə dayanan müharibə əlillərinin hər biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il avtomobillə təmin edilmişdir. Qeyd edim ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının müvəkkil tərəfindən həyata keçirildiyi nəzərə alınaraq aparatın strukturunun təkmilləşdirilməsi və bu məqsədlə Konstitusiya qanununa dəyişiklik zəruridir.
Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair dövlət proqramı hazırlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Sənəd beynəlxalq ekspertlərin də iştirakı ilə keçirilən tədbirlərdə müzakirə edilmişdir.
Müxtəlif vaxtlarda amnistiya aktları qəbul edilmiş, azadlıqdan məhrum edilmiş şəxslər əfv olunmuş, cəzaların mahiyyətinin islah və tərbiyəvi xarakter alması baxımından qanunvericilik təkmilləşdirilmişdir. Hazırda ölkəmizin  Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Milli Məclisə müraciəti əsasında 2016-cı ildə qəbul edilmiş amnistiya aktı ümumilikdə 10 mindən artıq insana şamil olunmuşdur. Fəaliyyətim dövründə vəsatətimlə 518 nəfər azadlığa qovuşmuş və 2016-cı ildə 20 nəfər məhkum əfv edilmişdir. 
“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası, təbliği və tətbiqi vəziyyətin monitorinqi və dəyərləndirilməsi məqsədi ilə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, kütləvi informasiya vasitələrinin iştirakı ilə respublikanın 57 rayon və şəhərində ictimai dinləmələr keçirilmiş, Bakıda tədbirlərə yekun vurulmuşdur. İctimai dinləmələr  günlərində polis, səhiyyə, təhsil, sosial xidmət müəssisələrinə, istintaq təcridxanalarına baxışlar keçirilmiş, vətəndaşlar qəbul olunmuş, bir sıra məsələlər yerində həll edilmiş, digərləri isə səlahiyyətli qurumlara müraciətimizdən sonra təmin edilmişdir.
Bir çox hərbi hissələrdə maarifləndirmə tədbirləri davam etdirilmiş, habelə şəhid ailələri ilə görüşülmüş, problemlər öyrənilmiş və səlahiyyətli qurumlara çatdırılmışdır. Həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara həmin məbləğin ödənilməsi qaydası və şərtlərinin müəyyən edilməsinin sürətləndirilməsi, hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsinin başa çatdırılması, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün  pul kompensasiya məbləğinin real qiymətlərlə uyğunlaşdırılması zəruridir.
Ötən illərdə ölkədəki 130-dan çox orta məktəbdə “Uşaq hüquqları üzrə pilləli tədris” proqramı həyata keçirilmiş və bu proses davam etdirilməkdədir. Regionlarda uşaq yaradıcılıq mərkəzlərinin nəzdində uşaq hüquqlarının tədrisi və təbliği mərkəzlərinin yaradılması da tövsiyə olunmuşdur. Müvəkkil yanında yeni tərkibdə müstəqil ekspertlər şurası üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər keçirilmiş, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara veriləcək hesabatların hazırlanması, qanunvericilik üzrə təkliflərin irəli sürülməsi, hüquqi maarifləndirmə işinin aparılması və digər məsələlərə dair müzakirələr keçirilmişdir. Aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət biznes və insan hüquqları üzrə  işçi qrupunda prioritet mövzular, o cümlədən sahibkarların hüquqlarının müdafiəsi və onların kooperativ sosial müdafiəsi problemi müzakirə olunmuş və müvafiq tədbirlər işlənib hazırlanmışdır. 
Milli Məclislə əməkdaşlıq çərçivəsində qanunların təkmilləşdirilməsi üzrə, habelə dövlət büdcəsi layihəsinin müzakirələrində təkliflər verilmişdir. İnsan hüquqlarının səmərəli təmin edilməsinə, qayğıya daha çox ehtiyacı olan aztəminatlı qrupların sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı bir çox tədbirlərlə bağlı Nazirlər Kabinetinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilmişdir. Yeri gəlmişkən, insan hüquqları sahəsində icra müddəti bitmiş dövlət plan və proqramları təhlil edilməli, müasir çağırışlara cavab verən yeniləri hazırlanıb təsdiq edilməlidir.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ, o cümlədən məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlər üzrə araşdırmalar zamanı hüquq  pozuntusu aşkar edildiyi halda  bərpası üzrə tədbirlər görülmüşdür. Məlumata əsasən icra qurumlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlara görə 28 icra məmuru intizam məsuliyyətinə cəlb olunmuşdur.
Prokurorluq orqanları ilə bağlı müraciətlər Baş Prokurorluqla əməkdaşlıq şəraitində araşdırılmış, sorğular göndərilmiş, məsələlərin həlli məqsədi ilə təkliflər verilmiş, zəruri tədbirlər görülmüşdür. Məlumata əsasən ötən il Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara görə 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Müvəkkil və əməkdaşları tərəfindən bütün ölkə üzrə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək yerə, penitensiar müəssisələrə, müvəqqəti saxlanılma yerlərinə, istintaq təcridxanasına, qanunsuz miqrantların saxlanılması yerinə, təhsil, səhiyyə, sosial xidmət, dövlət uşaq müəssisələrinə 337 başçəkmələr  həyata keçirilmiş, 2 min nəfərlə görüş və söhbətlər aparılmışdır. 2016-cı ildə penitensiar  xidmətdə pozuntulara yol verən 286 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, 7-si tutduğu vəzifədən azad edilmiş, 20-si isə ədliyyə orqanlarından xaric olunmuşdur.
Respublikanın rayon və şəhər polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilmiş, hüquq maarifləndirmə işi aparılmış, insan hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi diqqətə çatdırılmış, təsisatın hüquqi nəşrləri və tədris vəsaitləri təqdim edilmiş, onların öyrənilməsi, təlimlərdə istifadəsi, təcrübədə  tətbiqi tövsiyə olunmuşdur.  Daxili İşlər Nazirliyinin məlumatına əsasən ötən il aşkarlanmış 253 fakt üzrə 330 nəfər, o cümlədən xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlanılma yerlərinin 28 əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə  əməkdaşlıq nəticəsində bir çox  hallarda pozulmuş əmək hüquqlarının bərpasına nail olunmuşdur.
Ölkə Prezidentinin tapşırığına əsasən ötən il Bakıda və bölgələrdə əhalinin dövlət hesabına tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Müayinə və müalicə, o cümlədən ixtisaslaşmış tibbi yardıma ehtiyacı olanlarla bağlı Səhiyyə Nazirliyinə müraciətlərimizə əsasən bir çox vətəndaşlar yüksək səviyyədə tibbi yardımla təmin olunmuş, ixtisaslaşmış klinikalara göndərilmişlər. İllik məruzələrdə icbari tibbi sığortanın tətbiqi üzrə təklifimiz sosial sahədə aparılan islahatlar çərçivəsində həllini tapmaqdadır. Mingəçevirdə və Yevlaxda pilot layihələrin icrasına başlanılmışdır. Müvəkkilin əməkdaşları tərəfindən Bakıda və bölgələrdəki psixiatriya müəssisələrində monitorinqlər aparılır. Xəstələrin saxlanma şəraiti, qidalanması, onlara qarşı rəftar halları yoxlanılır. Son illərdə bəzi müəssisələr yeni binalara köçürülmüş, gündəlik qidalanma xərci 5 dəfəyədək artırılmışdır.
Bir sıra məsələlərin həlli, çatışmazlığın aradan qaldırılması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Yeri gəlmişkən deyim ki, bundan əvvəl müvəkkilin büdcə müzakirələrində təklifi nəzərə alınaraq şəkərli diabet xəstəliyinə tutulmuş xəstələrin müalicəsinə ayrılmış 19 milyon manat 33 milyon manata qaldırılmış, 2016-cı ildə isə 40 milyon manata çatdırılmışdır.
Kənd rayonlarında məktəbəqədər təhsil müəssisələri uşaqların sayına olan tələbatı ödəmir və bir çox hallarda uyğunlaşdırılmış, təmirsiz binalarda yerləşir. Bu müəssisələrin əsaslı şəkildə qurulmasına və genişləndirilməsinə ehtiyac vardır. Ölkə üzrə 29 yeni məktəb tikilmiş, 485 məktəb təmir olunmuşdur. Bununla belə, tədris prosesi üçün yeni binaların tikilməsinə ehtiyac vardır. Yataqxanalarla təmin olunmayan aztəminatlı ailələrdən olan dövlət təhsil müəssisələrinin tələbələrinə mənzil kirayəsinin ödənilməsi üzrə mexanizm hazırlanıb, tətbiq edilməsi məqsədəuyğundur.
Mövcud ehtiyaclara uyğun olaraq sosial-psixoloji reabilitasiya xidməti göstərən regional sığınacaq komplekslərinin yaradılması məqsədəuyğundur. Ayrı-ayrı insanların mülkiyyətində və istifadəsində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin müvafiq mənzillərə köçürülməsi tam sürətləndirilməli və onların mülkiyyətçisi yerinə qaytarılmalıdır.
Avropa İttifaqının “Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti” çərçivəsində Almaniya və Polşa ilə birlikdə ombudsman təsisatının imkanlarının gücləndirilməsi sahəsində Tvinninq layihəsi həyata keçirilməkdədir. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı,  “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya, eyni zamanda, “Uşaq hüquqları üzrə” Konvensiya və Universal Dövri İcmal üzrə hökumətimizin hesabatları nəzərdə tutulmuşdur. Odur ki, bu layihələri təhlil etməklə onların üzərimizə qoyduğu öhdəliklərin münasib olanlarının yerinə yetirilməsi üzrə tədbirlərin hazırlanıb təqdim edilməsi zəruridir.
Qeyri-hökumət təşkilatlarının hesabatlarının təqdim etmə qaydaları barədə təlimlər keçirilir. Əminəm ki, qayğıya çox ehtiyacı olan qurumların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsi məqsədi ilə illik məruzələrdə irəli sürdüyüm, habelə aidiyyəti dövlət qurumlarına göndərdiyim və hələ də öz həllini gözləməkdə olan təklif və tövsiyələrim büdcənin vəziyyəti imkan verdikcə tədricən öz həllini tapacaqdır. Bununla da insanların layiqli həyat tərzinin təmin olunmasına böyük tədbirlər görüləcəkdir.
Ölkəmizin inkişafı, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi naminə cəmiyyətin bütün qüvvələrini, o cümlədən dövlət və özəl qurumları, vətəndaş cəmiyyəti institutlarını və ayrı-ayrı fərdləri ölkəmizin qarşısında duran prioritet məsələlərin həlli məsələsində qarşılıqlı inam və etibarlı münasibət şəraitində əməkdaşlığı davam etdirməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. İllik məruzənin müzakirəsinə başlayırıq. Zahid Oruc, buyurun.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən də hörmətli Mehriban xanımın təyinatı ilə bağlı deyilən xoş sözlərin hər birinə qoşuluram və ona siyasi fəaliyyətində uğurlar diləyirəm.
İkincisi, Elmira xanımın İnsan hüquqları üzrə müvəkkil kimi hesabatlarını bir neçə ildir, burada dinləyirik və hər birimiz də onunla müxtəlif tədbirlərdə qarşılaşırıq, əlini sıxırıq, hal-əhval tuturuq, bir insani münasibətlərimiz formalaşır. Eyni zamanda, hamımız nəzərə alırıq ki, belə hesabatlar, adətən, 8 martın astanasında olur. Ancaq belə məsələlərdə bayramlara baxılmaz. Mən düşünürəm ki, həm qadınlar bayramı üçün deyəcəyimiz xoş sözlər, həm də bir sıra gerçəklər hamımızın faydasına olar. Həmçinin bir qədər tənqidi fikirlərim də var.
Təbii ki, İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətlərinin hansı çərçivədə olduğu hər birimizə bəllidir. Onlar ictimai qınaq sılahından kənar kimi isə qərar verib çıxarmaq, yerinə yenisini təyin etmək və sair səlahiyyətlərə malik deyillər və dövlət orqanları ilə münasibətləri də dediyimiz o ictimai rəy institutunun hesabına qururlar. Ancaq bununla bərabər, bir illik fəaliyyətin yalnız 60 səhifədəki işlərdən ibarət olmadığı bizə də bəllidir. Ancaq açığı deyim, ilk dəfə idi ki, bu qədər şablon terminlərlə dolu olan, bəlkə də sovet dövrünün qurultaylarındakı kimi seçilmiş deklarativ dilə yaxın bir sənədin şahidi oldum. Açığı, bunu təəssüflə qarşıladım.
İnsan haqları ilə bağlı vəziyyətin dəyərləndirilməsi məhz bu institutun verdiyi məlumatlar, hesabatlar əsasında olmalıdır. Bu qurumun fəaliyyəti o şəkildə daxili, regional, beynəlxalq dairələr tərəfindən qəbul olunmalıdır ki, mötəbərliyi ilə seçilsin. Biz anlayırıq, hörmətli Elmira xanım dövlət siyasətini, Prezident İlham Əliyevin insan haqlarının təminatı ilə bağlı gördüyü genişmiqyaslı fəaliyyəti hər zaman başı üzərində, rəhbər kimi saxlayır və bu çox mühüm bir məsələdir. Ancaq biz problemləri deməsək, mənə elə gəlir ki, o kursa da səmimi, əqidəli xidmət etmiş olmarıq.
Məsələn, Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov var. Ərizələr və məktublar şöbəsinin rəhbəridir. Hər il ayrı-ayrı rayonlardan alınmış məktubların dəyərləndirilməsini edir. Hörmətli Elmira xanım, əgər Siz o məktublarla tanış olsanız görəcəksiniz ki, hansı icra hakimiyyətlərinin fəaliyyətlərində hansı xarakterli şikayətlər üstünlük təşkil edir. Onların bəzən ünvanı da göstərilir. Yəni o dərəcədə konyunkturçu olmaq olmaz ki, sadəcə, bir tərif sənədi gətirək. Axı biz bu binadan çıxanda müxtəlif şikayətçilərlə qarşılaşırıq.
Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi hörmətli Mədət Quliyev Bakı Dövlət Universitetində mühüm bir tədbirdə bəyan elədi ki, Azərbaycandan 900 nəfər insan İraqda və Suriyada muzdlu kimi döyüşlərə gedib. Bilirsiniz, bu bizim cəmiyyətimiz üçün çox böyük bir siqnal olmalıdır. Biz 2014-cü ildə qərar verdik ki, o adamları, yəni Azərbaycanın iradəsindən kənarda xarici qurumların, silahlı dəstələrin tərkibində vuruşanları vətəndaşlıqdan məhrum edək. Amma bununla iş bitmir axı. Bir il ərzində Ermənistan–Azərbaycan cəbhəsində həyatını itirənlərin sayı maksimum 100 nəfərdir. Biz isə 900 nəfər itirmişik. Bu adamların 84 nəfərinə Azərbaycanda cinayət işi qaldırılıb, 54-ü vətəndaşlıqdan məhrum olunub. Yüzlərlə şəxs həmin döyüşlərdə ölüb. Bu adamlar ölkəsini qoyub orada müqəddəs bir dava altında vuruşurlar. Dini xurafatdanmı, hansısa cərəyanların burada özünə yer etməsindənmi o insanlar onlara qoşulurlar? Bilirsiniz, təkcə düşmən gülləsi ilə yox, ayrı yerlərdən atılan güllələrlə də millətimizin sıra nəfərləri ölə bilir. Ona görə də biz bütün bu məsələləri qeyd eləməliyik, vurğulamalıyıq.
Sonra, mən bu boyda sənəddə kredit borclarına görə məhkəmə çəkişməsinə məruz qalan, evini itirən insanların dərdindən bircə cümlə də oxumadım. Halbuki hörmətli Elmira xanım, Siz məhkəmələrə müraciət eləsəniz görərsiniz ki, hər birində 10 min nəfərə yaxın adamın davası var. Deməli, bizim devalvasiya qərarlarımız 10 minlərlə insanı banklarla üz-üzə qoyub. Bu adamlar bu gün çəkişmədədirlər. İndi bunu deməyək? Əksinə, deməyimiz o hadisələr üzərində əlini qızdıranların, siyasət quranların əlini kəsir və daha artıq dərəcədə onu bu dövlətin dayaqlarına çevirir və eyni zamanda, dövlət strukturlarına aid edir. Biz burada Mərkəzi Bankın İdarə Heyətinin 3 üzvünü təsdiq elədik. Ancaq mən düşünürəm ki, Mərkəzi Bankın fəaliyyəti ilə bağlı cəmiyyətdə yaranmış suallar, problemlər bu hesabatda yerini alacağı təqdirdə bu, işin faydasına olardı.
Üçüncü, Azərbaycan prokurorluq orqanları və məhkəməsində bu gün keçmiş MTN-in fəaliyyəti ilə böyük istintaq tədbirləri həyata keçirilir. Adam onları oxuyanda, doğrusu, vahimələnir, hiddətlənir, həyəcanlanır. 2015-ci ildə burada sizin və hökumətin hesabatını qəbul eləmişik. Əgər biz bu dövlətə, bu ölkənin lideri İlham Əliyevə sədaqətlə xidmət ediriksə, bunları mütləq deməliyik. Bu məsələlər deyilmədikcə, bu salonda səslənmədikcə və daha çox pıçıltı ilə kənarlarda deyildikcə, inanın, bu nə cəmiyyətin, nə millətin, nə də dövlətin xeyrinə olacaq.  Məgər o hadisələr bizim sağımızda və solumuzda baş verməyib? Biz onları görməmişik? Amma bizə “demə” deyəndə düşünməlidirlər ki, sabah bu vəziyyətlə qarşılaşacaqlar.
Bir neçə gün öncə Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov bəyan etdi ki, daxili işlər orqanları 234-cü maddə ilə adamları bizə göndərirlər və çox ciddi problem qarşısında qalırıq.
Hörmətli Ziyafət müəllim, söhbət narkotik üzrə maddədən gedir. Siz, maşallah, cinayət hüququnu, Konstitusiya hüququnu kifayət qədər istedadla bilən insansınız. Azərbaycana narkotik maddələrin hansı nöqtələrdən gəldiyini hər kəs bilir. Mən tərif üçün söyləmirəm. Obyektivlik naminə bu illər ərzində polis orqanları həmin o prosesin qabağında dayanıblar. Yoxsa o “ağ ölüm” deyilən təhlükə bu milləti basıb yemişdi. Bizə bəlli deyilmi ki, narkotik qəbulu nə qədər cavanlaşıb. Cəmiyyət üçün erməni təhlükəsi qədər böyük bir təhlükəyə çevrilib. Mən bir dəfə rəqəmlə ifadə eləmişdim. Ayrı-ayrı dövlətlər az qala Azərbaycana nota vermək istəyirdilər. Bir ölkə üzərindən ixrac olunması istənilən narkotik maddə 40 tondur. Adamlar öz ailə üzvlərini gedib hansısa ölkələrdə girov qoyurlar. O gətirilir və bu millətin həyatına aid olur.
Yaxşı, heç kim bilməsə də, parlament üzvləri bilir. Cinayət  işinin qaldırılması prokurorluq orqanlarının təqdimatından kənarda baş vermir. Belə çıxır ki, nəinki daxili işlər orqanlarını, eyni zamanda, prokurorluq orqanlarını həmin kollegiya sədri ittiham edir. Belədirsə, mövqeyini təqdim eləsin. Lakin bundan da o yana məhkəmə müstəqilliyi var. O hakimlər həmin maddəni ruslar demişkən “sfabrikovannıy” iş sayırsa, geri qaytarsın, o adamlara azadlıq versinlər. Ona görə də mən düşünürəm ki, bütün bu məsələləri belə müzakirələrdə səsləndirməklə cəmiyyətin problemlərini ortalığa qoymuş olacağıq.
Açıq deyim, yəqin ki, başqa cür qəbul olunmaz. Bayaq burada hörmətli Mehriban xanım haqqında çıxış edənlər dedilər, Mehriban xanımı xalqa sevdirən onun sadə xalqın səsi olmasıdır. Sadə xalqın. Biz sadə xalqın fikirlərini bura gətirməliyik və bu məsələləri deməliyik. Ona görə də hörmətli Elmira xanım, bu məsələlərə səs verəcəyəm, burada heç bir problem yoxdur. Ancaq hökumətin fəaliyyəti ilə bağlı bir həftə sonra deyə biləcəyimiz məsələləri bir qədər Sizə dedik. Bir xanım olaraq Sizi təbrik etməklə bağlı problemimiz yoxdur. Sizin xətrinizi çox istəyirik. Ancaq Siz bunları açıq deyin. Onsuz da biz parlament olaraq heç kimi vəzifəsindən çıxara bilmirik. Amma heç olmasa, deyirik, o ictimai rəydə yer edir və o adamlar bir qədər çəkinirlər. Parlamentin də yararlı, mühüm bir hakimiyyət qolu olduğu hiss olunur və bu, cəmiyyətin xeyrinə işləyir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən monitora baxıram, 10 nəfər yazılıb. Gündəlikdə digər məsələlər də var. Bəlkə biz reqlamenti 5 dəqiqə edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoymağa ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda xahiş edirəm, çıxış edənlər bunu nəzərə alsınlar. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli Elmira xanım! Mən də bu hesabatla ciddi tanış oldum və burada olan müddəaları, əslində, hamımızı narahat eləyən və bir çox məsələlərdə bəlkə də millət vəkillərinin gücünün yetmədiyi sahələrə ombudsman vasitəsi ilə müdaxilə edilməsi nəticəsində pozulmuş insan hüquqlarının ortadan qaldırılması fürsəti kimi qiymətləndiririk. Çünki Sizin bura hər gəlişiniz bizim də bu problemlərə daha ciddi yanaşmağımıza stimul olur. Çox hörmətli Zahid Orucun da fikirlərində də səsləndi, həqiqətən, müəyyən tənqidi görüşlər səslənməlidir ki, ən azı ombudsman vasitəsilə bu məsələlərə müdaxilə olsun. Çünki həbsdə saxlanma və digər bu cür yerlərə millət vəkillərinin daxil olma imkanı yoxdur. Biz bu səlahiyyətləri ombudsmana vermişik və bir çox məsələlərin qarşısını vaxtında alma imkanı onlara aiddir.
Burada qaldırdığımız bir sıra məsələləri mən dəstəkləmək istəyirəm. Xüsusilə vicdan azadlığı sahəsində dini zəmində yarana biləcək problemlərin həlli, baxışların toqquşması və yanaşma fərqinə görə tolerant cəmiyyətin yaradılmasını təklif etmisiniz. Yaxşı təşəbbüsdür və bunu gerçəkləşdirmək istiqamətində bir komitə üzvü kimi Sizə dəstək verməyə həmişə hazırıq.
Ən vacib məsələlərdən biri məcburi köçkünlərin hüquqlarının qorunması ilə bağlı idi. Yaxşı ki, bu yaxınlarda ölkə Prezidenti tərəfindən onları narahat eləyən məsələlərlə bağlı sərəncam verildi. Onların elektrik enerjisi və başqa ödəmə məsələləri ilə bağlı vəziyyətləri yüngülləşdirildi. Amma bizə müraciət eləyən çox sayda qaçqınlar var. Bildiyiniz kimi, 10 may 1994-cü ildə mərhum Heydər Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin büdcədən maliyyələşən müəssisələrdə, təşkilatlarda çalışmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması tədbirləri haqqında 181 saylı qərarı var idi. Bu qərar işdən çıxarılmış məcburi köçkünlərə də müəyyən dərəcədə kompensasiya verilməsi və minimum əmək haqqının saxlanmasını nəzərdə tuturdu. Artıq bu ildən onun icrası dayandırılıb. Bilirsiniz, anlaşılır ki, büdcədə vəsaitimiz məhduddur, müəyyən sıxıntılar yaşanır. Amma bu sıxıntıları ortadan qaldırmaq üçün konkret addımlar atılmalıdır. Adam işdən çıxıb, ona vəsait də vermirik, işlə də təmin eləmirik. İşlə təmin eləmək imkanı olan sahibkarlıq fəaliyyətinə də ciddi dəstək vermirik.
Deputatlar bilirlər, bu gün qəbula gələn insanların bəlkə də 60–70 faizi iş istəyir. Bu həll olunmasa, bu insanlar vəsait, kompensasiya ala bilməsələr, necə yaşaya bilərlər? Ona görə də bunun həlli yolu tapılmalıdır. Ya dövlət vətəndaşa iş tapıb verməlidir, ya da məcburi köçkünü kompensasiya ilə təmin eləməlidir. Başqa yolu yoxdur, bu insanları  küçələrə ata bilmirik ki. Bu baxımdan da hesab edirəm ki, birinci növbədə daha çox diqqət sahibkarlıq fəaliyyətinə olan maneələrə yönəlməlidir. Bu olduqca vacibdir. Mən bəzən sahibkarlığı müdafiə edəndə kiminsə lobbiçiliyi üçün eləmirəm. Mən görürəm ki, iş yerinin açılması artıq bununla bağlıdır.
Biz pensiyalarla bağlı məsələlərə də baxacağıq. Görəcəyik ki, özəl sektorun müəyyən sığorta hissəsini ödəmək imkanları məhdud olduğuna görə təzədən bu sahədə islahatlar aparmağa məcbur oluruq. Çünki əvvəllər Dövlət Neft Fondundan transfertlər var idi və bunu edə bilirdik. İndi bunlar azalandan sonra artıq hər hansı şəkildə bu fonda pul keçirmək imkanımız olmur. Bu baxımdan da sahibkarlığın inkişafı istiqamətində ombudsmanın insan hüquqları kontekstində böyük dəstəyinə ehtiyac var. Onlara qarşı olan hər bir maneəni ortadan qaldırmaq üçün operativ addımlar atılmalıdır.
Məhkəmələrlə bağlı ölkə Prezidenti tərəfindən sərəncam verildi. Sərəncamda deyildi ki, azadlıqdan məhrumetmə cəzası cərimə və daha yüngül cəzalarla əvəz olunsun. Əməl eləyən varmı? Bunun nəzarətini aparmaq lazımdır. Elə həmin qaydada əlində balta, bıçaq hamı ağır cəzalar verir. 400–500 manata görə yüzlərlə insan həbsə gedir, 3–4 uşağı acıcanaqlı vəziyyətdə çöldə qalıb, ağır vəziyyətdədir. O da bizim vətəndaşımızdır. Ona görə də bu məsələlərə diqqət yetirmək vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik hesabatından  göründüyü kimi, keçən illər ərzində ombudsman və onun aparatı insan hüquqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi istiqamətində böyük inkişaf yolu keçib, hüquq mühafizə orqanlarının fəaliyyətində olan müəyyən qüsur və ya çatışmazlıqların aradan qaldırılması, penitensiar xidmətin humanistləşməsi, cəza və onların icrası mühitinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıb. İllik hesabatda polis və digər hüquq mühafizə strukturlarındakı mənfi hallarla yanaşı, müsbət dəyişikliklərdən də söhbət açılır.
Qeyd etməliyəm ki, xanım Elmira Süleymanovanın bu uğurlarda böyük əməyi vardır. Bu yaxınlarda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezident müvafiq sərəncam verdi. Bu sərəncam ilə ölkə başçısı cəzaların liberallaşması istiqamətində və alternativ cəzaların daha geniş tətbiqində mühüm addım atdı. Mən deyərdim ki, bu da ombudsman institutunun bir növ çoxillik fəaliyyətinin məntiqi nəticəsidir.
Hesabatdan göründüyü kimi, prokurorluq, ədliyyə, polis və digər dövlət qurumları ilə ombudsman aparatının məhsuldar iş birliyi mövcuddur. Ümumiyyətlə, ombudsmanın fəaliyyəti geniş və çoxşaxəlidir. Elmira xanım və onun əməkdaşları mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərini ziyarət edirlər, şikayətçilərlə görüşürlər, şikayətlərini dövlət qurumlarına çatdırırlar.
Mən həmkarlarımla müəyyən məsələlərdə razıyam ki, bəlkə də bəzi ağrılı məsələlərimizi hesabatda Elmira xanım daha kəskin və daha açıq deməli idi. Amma Əfv Komissiyasının üzvü kimi deyə bilərəm ki, ombudsmanın işi çox ağır və çətindir və çox vaxt nəzərə çarpan deyil. O, bir çox işləri görür, lakin bu, cəmiyyətdə əks-səda doğurmur. Bir növ deputatların işinə bənzəyir ombudsmanın işi. Biz, misal üçün, işlə təyinat, pensiyanın düzgün, kredit borclarının təzədən hesablanması, qaz, işıq probleminin həllində, müalicə, müayinə məsələlərində vətəndaşlara çox kömək edirik. İş həll olunanda gözə görünmür, normal hal kimi qarşılanır. Amma obyektiv səbəblərə görə həll edilə bilmədikdə seçicilərin narazılığına səbəb ola bilir. Bax ombudsmanın işi də bir növ belədir.
İkinci tərəfdən, Elmira xanımın beynəlxalq fəaliyyəti də yüksək qiymətə layiqdir. Bunu da demək lazımdır. O, beynəlxalq tədbirlərdə insan hüquqlarından danışarkən ən yüksək tribunalardan xalqımızın pozulmuş hüquqlarından, Qarabağ həqiqətlərindən, qaçqın, məcburi köçkünlərdən, Xocalı soyqırımından, həmçinin hələ də əsirlikdə qalan və faciəvi ömür sürən soydaşlarımızdan həmişə söhbət açır. Bizim haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük iş görür. Bu faktı hesabatda bir daha görmək mümkündür.
Digər tərəfdən, Azərbaycan ombudsmanının beynəlxalq aləmdə də böyük hörməti var. Bu ondan irəli gəlir ki, Elmira xanımın Azərbaycanda təşkil etdiyi beynəlxalq konfranslara dünyanın bir çox ölkələrinin insan hüquqları üzrə müvəkkilləri təşrif buyururlar və yenə də Azərbaycanın dərdlərini Elmira Süleynmanovadan öyrənirlər. Bu beynəlxalq tədbirlər böyük rezonansa səbəb olur və bu, Azərbaycan dövlətinin imici üçün çox gərəklidir. Elmira Süleymanovanın fəaliyyətindən mən çox danışa bilərəm, amma çıxışımı yekunlaşdıraraq onu və ombudsman aparatında çalışan xanımları, eləcə də bütün Azərbaycan qadınlarını 8 mart qadınlar bayramı münasibəti ilə təbrik edirəm. Ombudsmanın 2016-cı il üzrə illik məruzəsini yüksək qiymətləndirirəm və Elmira xanıma bu nəcib fəaliyyətində yeni-yeni uğurlar diləyirəm. Çox sağ olun.
Sədrlik edən. Bahar xanım, söz istəyirdiniz, buyurun.
B.Muradova, Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri.
Çox təşəkkür edirəm, Ziyafət müəllim. Məlumunuz olduğu kimi, İnsan hüquqları komitəsi ombudsmanın illik məruzəsini öz iclasında dinlədi. İclasda mətbuat nümayəndələri də iştirak edirdilər. Məruzədə nəzərdə tutulan məsələlər, əksini tapan problemlər və onların həlli ilə bağlı ombudsman aparatının ötən il gördüyü işlər, həm də ona olan münasibət komitə üzvlərinin çıxışında əksini tapdı. İndi də çıxışlar davam edir və mən görürəm ki, biz bir növ bir-birimizi təkrarlayırıq. Mənə elə gəlir ki, bu müzakirə prosesini çox da uzatmağa ehtiyac yoxdur, çünki ötən il ombudsmanın fəaliyyətinin həyata keçirilməsində millət vəkillərinin hamısı birmənalı şəkildə iştirak ediblər. Həm şahidiyik, həm iştirakçısıyıq, həm də nəticələr bizə təqdim olunub, məlumatımız var. Mənə elə gəlir ki, kiminsə özəl, maraqlı bir təklifi olarsa, həm komitəyə müraciət edə bilər, həm də ombudsmana yazılı şəkildə təqdim edə bilər. Mənə elə gəlir, biz bugünkü durumu nəzərə alaraq məsələni yekunlaşdıra və səsə qoya bilərik. Yazılan həmkarlarımız təkid etməsələr, məruzəni qəbul edib fasiləyə çıxa bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Bahar xanım, təşəkkür edirəm. Nə təklif var? Təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bahar xanım qeyd etdi, hər şey aydındır, artıq komitədə bu məsələyə baxılıb, fikirlər söylənilibdir. Əgər etiraz yoxdursa, onda ombudsmanın illik məruzəsinin nəzərə alınmasına, xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Elmira xanım, təbrik edirik. Sizi və aparatınızın bütün qadın əməkdaşlarını sabahkı gün münasibəti ilə də təbrik edirik. Sağ olun.

(FASİLƏDƏN SONRA)

10 mart  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Gündəliyi keçən dəfə təsdiq elədik.
Hörmətli millət vəkilləri, növbəti məsələmiz Məktəbəqədər təhsil haqqında qanun layihəsidir. Keçən dəfə İsa Həbibbəyli geniş izahat verdi.  9 nəfər millət vəkili də çıxış elədi. Siyahıda yazılanlara dedik ki, imkan yaradacağıq, növbəti iclasda çıxış eləsinlər. 7 nəfər çıxışını katibliyə verib. İndi yerdə qalanlardan Musa Qasımlı buyursun.
M.Qasımlı.  Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz hörmətli komitə sədri İsa Həbibbəylinin təqdim etdiyi geniş qanun layihəsi ilə tanış olduq. Hesab edirəm ki, bu qanun layihəsinin aydın və bitkin konsepsiyası var. Əgər biz bu qanun layihəsini qəbul etsək, ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında təhsil sahəsində aparılan islahatların hüquqi bazası daha da möhkəmlənəcək, bütövlükdə ölkəmiz, cəmiyyətimiz fayda görəcək. Bu qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə ehtiyacı yoxdur. Ona görə də hörmətli cənab Sədr, təklif edirəm ki, biz bu qanunu ikinci oxunuşda səsvermə ilə qəbul edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Dünya əhalisinin üçdə birini təşkil edən uşaqlar və onları əhatə edən  mövzular, bu sahədə əldə edilən uğurlar, eyni zamanda, problemlər  hər birimizin məsələsidir. Çünki uşaqlar dünya birliyinin qorunmağa və mühafizəyə ən çox ehtiyacı olan hissəsidir, hamımız üçün əsas və həssas nöqtədir. Azərbaycanda uşaqların daha yaxşı bir şəraitdə yaşaması, oxuması və eyni zamanda, bu sahədə mövcud olan problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Təhsil özü ümumilikdə götürüldükdə dövlət üçün strateji əhəmiyyətli bir sahədir. Dövlət rəhbərinin, Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanımın ötən illər ərzində hər bir Azərbaycan övladına göstərdiyi doğmalıq, yüzlərlə yeni məktəbin, uşaq bağçasının tikilib istifadəyə verilməsi, həyata keçirilən çoxsaylı uğurlu layihələr bu sahənin daşıdığı əhəmiyyətin bariz nümunəsidir. Təqdim olunan qanun layihəsi də məhz bu doğmalıqdan, diqqət və qayğıdan qaynaqlanmaqdadır.
Məktəbəqədər təhsil bütövlükdə təhsil sisteminin vacib bir istiqamətidir. Onun əsas hədəfi və məqsədi bir bünövrə rolunu oynayaraq gələcəkdə məktəbə getdikləri zaman alacaqları tədris üçün uşaqlarda həmin vərdişlərin aşılanması, bacarığın üzə çıxarılması, əxlaq normalarının formalaşdırılmasıdır. Müzakirə etməkdə olduğumuz qanun layihəsi də elə bu məqsədlərə xidmət edir. Öz aktuallığı, cəmiyyətin maraqlarına cavab verməsi baxımından əhəmiyyətli olan bu layihə kifayət qədər əhatəli olduğundan elmi dildə, savadlı bir şəkildə akademik əsaslarla hazırlanmış mükəmməl bir sənəd olaraq qiymətləndirilməlidir.
Mən fürsətdən istifadə edərək qanun layihəsinin hazırlanmasında əməyi keçən işçi qrupuna və xüsusilə də dəyərli həmkarımız, komitə sədri akademik İsa Həbibbəyliyə mükəmməl bir qanun hazırladıqlarına görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən də məndən əvvəl çıxış edən həmkarım Musa müəllimin təklifinə qoşularaq qeyd eləmək istəyirəm ki, əslində, bu qanunun tamlığı, mükəmməlliyi bu gün bunu üçüncü oxunuşda qəbul etməyimizə əsas yaradır. Mən millət vəkillərini qanun layihəsinə ikinci və üçüncü oxunuşlarda səs verməyə dəvət edirəm. Eyni zamanda, redaktə xarakterli, yəni işgüzar əsaslı bir neçə təklifim var ki, onların üzərində dayanmaq istəyirəm. İşçi qrupu bu məsələləri, düşünürəm ki, elə redaktə şəklində həll edə bilər.
Bunlardan birincisi 3.0.5-ci və 8.2-ci maddələrdə yer alan “könüllülük” və “zərurilik” ifadələri ilə bağlıdır. Yəni bu maddələrdə təhsilin bir tərəfdən könüllülüyündən söhbət gedir, digər tərəfdən isə zəruriliyindən. Yəqin, burada redaktə xarakterli ziddiyyət yaranıb. Çünki könüllü olan zəruri ola bilməz, zəruri olan isə könüllü ola bilməz. Zərurilik könüllülükdən daha sərt, məcburilikdən daha yumşaq bir vəziyyəti ifadə edir. Digər bir tərəfdən zəruri olan vəziyyəti biz necə və hansı yollar ilə təmin edəcəyik? Bu baxımdan həmin ifadələrin məcmusuna və işlənmə dərəcəsinə bir daha baxılması məqsədəuyğun olardı.
Digər bir təklifim 8.4-cü maddə ilə bağlıdır, yəni valideynlərin razılığı ilə ailə bağçaları və icma əsaslı məktəbəqədər təlim qruplarının yaradılması imkanları haqqındadır. Amma maddənin məzmununun ifadəsindən başa düşülmür ki, bu bağçalar razılığa gələn vətəndaşlar tərəfindən yaradılır, yoxsa digərləri tərəfindən. Vətəndaşlar kiminlə nə barədə razılığa gəlməlidirlər? Yəqin ki, bu maddənin  ifadə tərzinə bir daha baxılması yerinə düşərdi. Digər məsələ. 23.5-ci maddədə məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyətinin hüquqları nəzərdə tutulur. 3-cü fəslin 18-ci maddəsində də işçi heyətinin hüquqları və vəzifələri xüsusi olaraq ayrıca nəzərdə tutulduğundan sistemlik baxımından 23.5-ci maddədə nəzərdə tutulanlar 18-ci maddəyə keçirilərsə, daha uyğun olar. Sözümün sonunda bir daha qanun layihəsinə səs verəcəyimi bildirirəm və millət vəkillərini ikinci və üçüncü oxunuşlarda səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Jalə xanım. Amma üçüncü oxunuş üçün özün 4 dənə təklif verdin, deyirsən, üçüncü oxunuş da keçirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Sona Əliyeva.
S.Əliyeva. Hörmətli sədarət, hörmətli həmkarlar! Bu qanun layihəsi ilə bağlı bəzi fikir və yanaşmalarımı sizinlə bölüşmək istəyirəm. Dünyanın hər bir yerində ictimai inkişafın hər bir mərhələsində ta qədimdən gənc nəsillərin öyrədilməsi, maarifləndirilməsi bir fəaliyyət növü kimi önə çəkilmişdir. Zaman keçdikcə “təhsil” anlayışına baxış və yanaşmalar da dəyişmiş, “təhsil” anlayışı dar çərçivədən çıxaraq fasiləsiz təhsil, ömrü boyu öyrənmə prinsipləri ilə uzlaşaraq fərqli istiqamətlərə yön almışdır. Bu mənada YUNESKO-nun müəyyən etdiyi beynəlxalq tərifi nəzərinizə çatdırmaq istəyirəm. Təhsil bacarıq və davranışların təkmilləşməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Yəni təhsil dedikdə, yalnız məktəb və universitet təhsili nəzərdə tutulmur. Təhsil həyatın bütün çağırışlarına hazırlıq üçün erkən yaşlardan başlayan uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir. İnsan ömrü boyu öyrəndiklərinin çox hissəsini məhz erkən yaşlarında öyrənir. Həmçinin qeyd etmək istərdim ki, təhsil sistemi məktəbəqədər təlim və tərbiyədən başlayaraq akademik, doktorluq proqramına qədər təhsilin bütün pillə və səviyyələrini əhatə edir. Odur ki, məktəbəqədər yaşlı uşaqların kompleks şəkildə təhsili, təlim və tərbiyəsi ilə məşğul olan bütün məktəbəqədər müəssisələrin məktəbəqədər təhsil müəssisələri adlandırılması qlobal ümumi yanaşmanın təzahürü, ümumilikdə isə təhsil sisteminin ayrılmaz tərkib hissəsidir.
Bu qanunun Məktəbəqədər təhsil haqqında qanun adlandırılması isə ümumilikdə məktəbəqədər yaşlı uşaqların təhsil hüquqlarının müdafiəsi, eləcə də təlim-tərbiyə alması, sosial müdafiəsi və sağlamlıqlarının qorunması ilə məşğul olan müəssisələrin fəaliyyətini, hüquq və vəzifələrini və bir sıra digər məsələləri tənzimləyir. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun üzvü olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, layihə hazırlanarkən xarici təcrübə diqqətlə araşdırılmış, MDB ölkələrindən 2-nin, Avropa ölkələrindən 5-nin, Norveç, Sloveniya, Estoniya, İtaliya və Finlandiyanın bu sahə üzrə qanunvericilikləri tərcümə olunmuş, eləcə də bir sıra Avropa ölkələrinin qabaqcıl təcrübəsi öyrənilmişdir.  Bu sahə üzrə ölkəmizdə mövcud olan geniş normativ hüquqi aktlara istinad edilmiş və nəticədə geniş və əhatəli şəkildə bir qanun layihəsi meydana çıxmışdır. Bildiyiniz kimi, təhsil sisteminin səmərəli inkişafına xidmət edən təhsil siyasəti strateji prioritet olaraq daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Təhsilin inkişafı ilə bağlı bir sıra proqramlar hazırlanmış,  inkişaf strategiyalarında hədəflər müəyyən edilmişdir.
Bu baxımdan 2016-cı ilin sonlarına doğru imzalanmış strateji yol xəritələrində insan kapitalının formalaşmasında sistemli strateji istiqamətlər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində məktəbəqədər təhsillə bağlı ayrıca müddəa qeyd olunmuş, uzunmüddətli perspektivdə bu sahənin insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsiri diqqətə çatdırılmış və prioritet hədəflər ortaya qoyulmuşdur. Bu reallığı da nəzərə alaraq bu gün bu qanun layihəsinin hazırlanmasının dövlət siyasətinin tərkib hissəsi olmaqla bu sahənin inkişafına töhfə verəcəyinə inanıram. Qanun layihəsinin ikinci və üçüncü oxunuşun tələblərinə cavab verdiyini nəzərinizə çatdıraraq bəzi təkliflər də nəzərə alınmaqla  qanun layihəsinin müzakirəsinin  yekunlaşdırılması üçün həmkarlarımızdan səs vermələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də burada deputat həmkarlarımın səsləndirdiyi o fikir ilə tam razıyam ki, Məktəbəqədər təhsil haqqında qanun layihəsi çox mükəmməl şəkildə hazırlanıb, geniş ictimai müzakirələr də keçirilib və bu gün müzakirə etdiyimiz qanun, eyni zamanda, sosial bir sifarişdir. Ölkədə aparılan böyük islahatların bir hissəsi təhsil sahəsində də uğurla həyata keçirilir. Azərbaycanda artıq məktəbəqədər təhsil sistemində yeni bir model qurulur və bu yeni modelin əsasını  təşkil edən hüquqi bazanın formalaşması üçün bu qanunun tezliklə qəbul edilməsinə çox böyük ehtiyac var.
Mən burada bir məsələni xüsusi vurğulamaq istəyirəm ki,  əsasən, redaktə xarakterli fikirlər söyləndi, çünki bu qanunda  məktəbəqədər təhsilin ümumi prinsipləri müəyyənləşdirilir. Bu qanun hazırlananda ölkədə artıq mövcud olan bir sıra hüquqi normativ aktlar da öyrənilibdir. Çünki islahatlarla bağlı ölkə Prezidentinin fərman və sərəncamları var, bundan irəli gələn dövlət proqramları da var. O proqramların icrası ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar və təsdiq etdiyi əsasnamələr də var ki, bu əsasnamələrdə artıq bir çox məsələlər öz həllini tapmışdır və onlar artıq gerçəkləşib. Ona  görə də  bugünkü reallığımız və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələlər burada, bu qanunda öz əksini tapır.
Çox xoş olan bir hadisədir ki, dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilk müşavirəni məhz məcburi köçkünlərin sosial  problemlərinin həlli ilə bağlı məsələyə həsr etdi. Fürsətdən istifadə edərək Birinci vitse-prezident xanım Mehriban Əliyevaya məcburi köçkünlər adından öz dərin təşəkkürümüzü bildiririk. Burada vurğulandı ki, 2012-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bağçaların yaradılması, məktəbəqədər hazırlığın və ümumiyyətlə, məktəbəqədər təhsilin təşkili ilə bağlı çox böyük işlər görülüb. Təkcə bu layihə həyata keçirilərsə, Bakı şəhərində artıq  təxminən 12 minə qədər uşaq  məktəbəqədər təhsilə cəlb oluna bilər. Hesab edirəm ki,  bu işləri həyata keçirmək, burada göstərilən və qeyd olunan  prinsipləri gerçəkləşdirmək üçün bu qanunu nə qədər tez qəbul etsək, o qədər də tez bu işlərə öz töhfəmizi vermiş olarıq. Bu baxımdan mən hesab edirəm ki, qanun kifayət qədər mükəmməl  hazırlanıb, redaktə xarakterli düzəlişləri komitə nəzərə ala bilər. Qanunu həm ikinci, həm də üçüncü oxunuşda  müzakirə edib qəbul eləsək, hesab edirəm ki, bu işə öz böyük töhfəmizi vermiş olarıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun, cənab Sədr. Ümumiyyətlə, keçən iclasda da, indi də qeyd olundu, bu qanunun qəbul edilməsi olduqca məqsədəuyğundur. Əlbəttə, təhsil sistemində qanunvericilik təminatının yüksəldilməsi üçün bizim rəhbərlik və deputatlar öz fikirlərini söylədilər, səmərəli təkliflərini verdilər. Ona görə də mən bu qanunun qəbul edilməsinin tərəfdarıyam və ona səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada millət vəkili olan həmkarlarımız çox vacib və maraqlı təkliflər ilə çıxış elədilər. Mən də Musa müəllimin təklifini dəstəkləyərək söyləmək istəyirəm ki, bu çox vacib bir qanun layihəsidir. Bunu, əslində, üçüncü oxunuşda  qəbul etmək lazımdır. Çünki bölgələrdə, yerlərdə bu istiqamətdə işlərin artırılmasına çox ehtiyac var. Bölgələrdə, rayonlarda bağçalarla, məktəbəqədər müəssisələrlə bağlı ciddi problemlər var. Bu qanun layihəsinin qəbulu, onun icrasına başlanması bir çox problemlərin sürətli həllində bir sıra prosesləri sürətləndirə bilər. Ona görə mən də hesab edirəm ki, ikinci və üçüncü oxunuşda bu qanun layihəsini qəbul etmək olar.
Burada bir məsələ var. Mən, sadəcə, İsa müəllimlə bir ifadəni dəqiqləşdirmək istərdim. Əslində, qanun layihəsində “dövlət bütün imkanları yaradır” ifadəsi gedir, amma özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı hansı imkanlar,  imtiyaz və şəraitlər var? Bunların bir az da dəqiq ifadə olunması daha yaxşı olardı. Amma yəqin ki, müvafiq icra hakimiyyəti orqanlarında bu məsələ bir az da  dəqiqləşdiriləcək. Ona görə mən də dəstəkləyirəm və inanıram ki, bu qanunun qüvvəyə minməsi bu istiqamətdə ciddi problemləri aradan qaldıra bilər. Çünki əhalimizin, məktəbə gedən gənclərin böyük əksəriyyəti bu məktəbəqədər təhsil müəssisələrindən kənardadır. Bu da orta təhsilə  özünün mənfi təsirlərini göstərir. Bu qanunun qısa zamanda qüvvəyə minməsi problemlərin həlli prosesini daha da sürətləndirə bilər.  Ona görə mən də dəstəkləyirəm və inanıram ki,  bir çox problemləri müsbət istiqamətdə həll edə biləcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gündəliyin bu məsələsi ilə bağlı ümumilikdə 15 millət vəkili çıxış eləyib. Həqiqətən, qanun çox yüksək səviyyədə hazırlanıb. İsa müəllimə öz minnətdarlığımı bildirirəm. Ancaq bundan qabaqkı 6–7 çıxışda bəzi təkliflər var idi. Ona görə də tələsmək lazım deyil. Yəqin, aprel ayının əvvəllərində üçüncü oxunuşa çıxardarıq. İndi əgər etiraz eləmirsinizsə, 5 fəsildən ibarət qanun layihəsini səsə qoyaq. Bu iclasdan qabaq, bilirsiniz, bunları fəsil-fəsil səsə qoymuşduq. İndi də, xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda münasibət bildirək. 1–3-cü fəsillərə bir yerdə səs verək.

Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
4-cü və 5-ci fəsillərə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun. Nəhayət, qanun layihəsinə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun. Məktəbəqədər təhsil haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Gündəlikdəki növbəti 7-ci və 8-ci məsələlər cənab Prezidentdən bir məktubla gəlib. 7-ci məsələ “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir, 8-ci məsələ isə “Sərhəd qoşunları haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyafət müəllim, bir yerdə məruzə eləyin, sonra ayrı-ayrılıqda səsə qoyarıq.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bildiyiniz kimi, cənab Prezident 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin qarşısında xüsusi vəzifələr qoymuşdu, həmin vəzifələr 21 may və 9 iyun fərmanlarında öz əksini tapmışdı. Bugünkü qanun layihələrində bu vəzifələr öz əksini tapır. Yəni cənab Prezidentin fərmanında  müəyyən olunmuş vəzifələrlə bu qanunlarda qarşıya qoyulan məsələlərin uyğunlaşdırılması nöqteyi-nəzərindən bu qanun layihələri sizin müzakirənizə təqdim olunub.
Burada söhbət nədən gedir? Əvvəla, söhbət ondan gedir ki,  Azərbaycanın ərazisinə daxil olan və Azərbaycanın ərazisindən keçən nəqliyyat vasitələri Azərbaycanın dövlət təhlükəsizliyini və milli maraqlarını möhkəmləndirmək məqsədi ilə idxal-ixrac əməliyyatları zamanı sərhəd qoşunlarının nümayəndələri gömrük orqanları ilə bir yerdə həmin nəqliyyat vasitələrini yoxlasınlar. Əgər Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsində gömrük orqanlarının iştirakı mümkün deyilsə, onda  yenə də sərhəd qoşunlarının  ixtiyarı var, onlara belə bir səlahiyyət verilir ki, həmin yük sahiblərinin, mal sahiblərinin iştirakı ilə nəqliyyat vasitələrini yoxlasınlar. O cümlədən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda 12-ci maddənin ikinci hissəsində  Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, yaxud dövriyyəsi məhdudlaşdırılmış narkotik maddələrin, psixotrop maddələrin və hərbi texnikanın daşınmasının qarşısını almaq məqsədi ilə dəyişikliklər edilir. Bu dəyişikliklərin hamısı bizim qarşımızda var, mən məsələni çox uzatmaq istəmirəm.
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda da  4-cü və 6-cı maddələrdə dəyişikliklər edilir. Bir sözlə, hesab edirəm ki, hər iki  qanun layihəsi Azərbaycanın dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi və milli maraqlarının gücləndirilməsi nöqteyi-nəzərindən olduqca vacib qanun layihələridir və sizi bu qanun layihələrinə səs verməyə dəvət edirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu dəyişikliyi vacib hesab edirəm, ona görə ki, burada, sadəcə, gələn mallardan söhbət getmir, əsas narkotik vasitələrin qarşısının alınması üçün operativ tədbirlər görülməsi vacibdir. Ümumiyyətlə, mənim fikrim budur, Oqtay müəllim. Sizə də təşəkkür edirəm ki, nəhayət, Milli Məclisdə tütün məmulatlarının istifadəsi ilə bağlı qanun layihəsi komitənin  iclasına çıxarıldı. Bu çox vacib  məsələdir, həm tütün vasitələrindən istifadə edilməsinə, həm də narkomaniyaya qarşı ölkədə amansız mübarizə başlamalıdır. Çünki narkomanları müalicə eləmək imkanımız yoxdur, geniş tibbi şəbəkəmiz yoxdur, mentalitetimiz də imkan vermir ki, kimlərsə öz yaxınlarının, övladlarının müalicəsini bu və ya digər formada təmin eləsinlər. Heç olmasa, buna qarşı önləyici tədbirlərin görülməsi vətəndaşlıq borcumuzdur, çünki tütün məhsullarından istifadənin sonu bir çox hallarda narkomaniya üçün zəmin hazırlayır. Bu baxımdan da bu addımların atılması vacibdir.
Sərhəd qoşunlarının da peşəkarlığına inanıram ki, bu istiqamətdə məsələni daha operativ həll edə biləcəklər. Sadəcə,  Ziyafət müəllim, burada mənim üçün bir anlaşılmazlıq var, bəlkə Siz izah edərsiniz, fikrimi dəyişərəm. Burada verilir ki, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və digər aidiyyəti orqanların iştirakını təmin eləmək mümkün deyilsə, aidiyyəti orqanlar, o cümlədən  sərhəd qoşunlarının təmsilçiləri bu işi görə bilərlər, bu normaldır, operativlik baxımından vacibdir. Amma  bunun subyekti kimlər olacaq? Daha çox xarici vətəndaşlar olacaq. Xəzər dənizindən respublika vətəndaşları gəlib getməyəcəklər ki? Ya Türkmənistan, ya İran, ya da Rusiya vətəndaşları olacaq və sənədləşmə məsələsində müəyyən problemlər ortaya çıxacaq, bunu diqqətə almaq lazımdır. Burada, heç olmasa, gömrük və digər orqanların iştirakını təmin etmə müddəti müəyyən olunmalıdır. Yəni operativ  sənədləşmə təkcə sərhəd qoşunlarına  aid deyil ki. Elə   mallar var ki, məlumat alınır, amma narkotik vasitə, psixotrop maddələr çıxmır. Mal gətirənin hüquqlarının pozulmaması üçün orada müddət müəyyən eləmək olar ki, 3 saat, 5 saat ərzində, ya bir gün ərzində, dəxli yoxdur, mən o operativliyi müəyyən eləyə bilmərəm, amma o müddət ərzində həmin orqanların iştirakı təmin edilir ki, sənədləşmə doğru aparılsın, bu məsuliyyət təkcə sərhəd qoşunlarının üzərində qalmasın. Mən bunu təklif eləmək istəyirəm.  Məqsədəuyğun olsa, bunu diqqətə alarsınız. Diqqətinizə görə sağ olun.
Z.Əsgərov. Sağ olun, Fazil müəllim, sual yerində verilmiş sualdır. Amma bir məsələni deyim. Siz əgər fikir versəniz, görərsiniz ki, “Sərhəd qoşunları haqqında” Qanunda da,  “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda da söhbət təkcə Azərbaycan vətəndaşlarından getmir,  təkcə xarici vətəndaşlardan da getmir. Ola bilsin, Azərbaycan vətəndaşıdır, xaricdən, məsələn, Türkmənistandan, Qazaxıstandan Xəzər dənizi vasitəsilə mal gətirib. O yerdə ki gömrük orqanlarının iştirakını təmin etmək mümkün deyil, orada sərhəd qoşunlarına ixtiyar verilir ki, operativ surətdə bu məsələyə baxsınlar, amma sonradan gömrük orqanlarının da, digər səlahiyyətl orqanların da iştirakı təmin edilməlidir. Bu, “Sərhəd qoşunları haqqında” Qanunda da nəzərdə tutulub və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may və 9 iyun tarixli fərmanları ilə nəzərdə tutulub.
Sədrlik edən. Çox sağ olun. Onda xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.33 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.34 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iki məsələ, 9–10-cu məsələlər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsidir. Bahar xanım, iki qanunu bir yerdə təqdim eləyin, ayrı-ayrı səsə qoyarıq.
B.Muradova. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Ölkə Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında adı çəkilən qanunlara bir sıra dəyişikliklərlə bağlı müraciəti Milli Məclisə daxil olub. İnsan hüquqları komitəsində biz bu məsələni müvafiq icra hakimiyyəti orqanı nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə müzakirə etdik, kifayət qədər faydalı müzakirələr keçdi, konkret olaraq təklif edilən dəyişikliklərin və əlavələrin mahiyyəti haqqında fikir bildirərək  deməliyəm ki, hər iki qanun layihəsi hər şeydən öncə virtual aləmdəki ictimai münasibətləri, eləcə də “az” ölkə kodlu, yüksək səviyyəli domen üzərindən qurulan internet informasiya ehtiyatlarının fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi məsələsinə xidmət edəcəkdir. Bildiyiniz kimi, artıq xeyli müddətdir ki, Azərbaycan da virtual məkanın iştirakçısıdır və internet istifadəçilərinin sayına və bu sahədə aparılmış siyasətin konkret nəticələrinə görə bir çox ölkələri qabaqlayır. Yəni artıq bütün ölkə bu aləmə, bu məkana daxildir. Azərbaycanın kütləvi informasiya vasitələrinin informasiya təhlükəsizliyini, informasiya azadlığını təmin eləyən qanunlarda isə bununla bağlı indiyə qədər hansısa fikirləri özündə əks etdirən müddəalar olmamışdı və demək olar ki, Azərbaycan qanunlarını   internet məkanına şamil etmək imkanları məhdud idi. Ona görə verilən bu dəyişikliklər və əlavələr kifayət qədər əhəmiyyətlidir və  bu münasibətləri hüquqi müstəviyə daşımaq məqsədi daşıyır.
Əgər konkret olaraq birinci qanun haqqında söyləmək istəsəm, deməliyəm ki, burada əhəmiyyətli məqamlardan biri ikinci maddədə  edilən əlavələrdir, buraya “internet informasiya ehtiyatının sahibi”, “domen adı”, “domen adının sahibi”, “internet provayder”, “host provayder”, “domen adlarının qeydiyyatçısı” anlayışları daxil edilir. Bunlar kifayət qədər vacib dəyişikliklərdir. Onlar  hüquqi müstəviyə daxil edilməni tənzimləyəcək, o cümlədən  bu qanunun 6-cı, 11-ci, 13-cü, 18-ci, 19-cu və 20-ci maddələrinin müxtəlif hissəsindəki dəyişikliklər isə informasiya ehtiyatları mülkiyyətçisi ilə yanaşı, onun sahibi məsələsini də  hüquqi münasibətlər müstəvisinə daxil edir.
Ən diqqət çəkən məsələlərdən biri isə bu qanuna  III-I fəslin əlavə edilməsidir. Bu fəsil bütövlükdə internet informasiya ehtiyatlarının yaradılması, onların uçotu, həmçinin bu ehtiyatlarda informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, bu hərəkətlərə görə məsuliyyətin müəyyən olunması, o cümlədən domen adının qeydiyyatını aparan inzibati orqanın bu reyestrin aparılması və reyestr məlumatlarının tərtib olunmasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsi məsələlərini nəzərdə tutur. Kifayət qədər vacib məqamlardır. Biz bu məsələlər haqqında ümumi məlumat veririk, sizdə bu dəyişikliklər var, mən düşünürəm ki, müvafiq icra hakimiyyəti orqanının nümayəndələri buradadırlar, bu dəyişiklikləri vacib edən məqamlar haqqında onlar daha peşəkar məlumat verəcəklər.
İkinci qanunda – “Telekommunikasiya haqqında” Qanundakı dəyişikliklər də bu sahədə fəaliyyət göstərən operator və provayderlərin uçotunun aparılmasını, onların vəzifələrinin dəqiqləşdirilməsini, bu vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyət dairəsinin genişləndirilməsini, eləcə də həmin resursların kiber təhlükəsizliyinin qorunmasını, elektron təhlükə və hücumların qarşısının alınmasını, eləcə də bu hücumları edən mənbənin müəyyənləşdirilməsini müəyyən etməkdən ibarətdir. Ümumilikdə bütün bu məsələlər internet informasiya ehtiyatları sahəsindəki qanunvericiliyi tənzimləməyə xidmət edir, yəni bunlar kifayət qədər vacib dəyişikliklərdir.
Mən bir neçə kəlmə ilə müzakirənin gedişində millət vəkillərinin söylədikləri fikirlər barədə də sizi məlumatlandırmaq istəyirəm. Bu məsələ komitədə çox ciddi müzakirə olundu. Hətta millət vəkilləri tərəfindən məhdudlaşdırıcı dəyişikliklərin edilməsi barədə təkliflər də edildi. Eyni zamanda, internet informasiya ehtiyatları istifadəçilərinin hüquqlarının qorunması istiqamətində təkliflər də oldu, biz bu təklifləri müvafiq icra hakimiyyəti orqanı ilə məsləhətləşdik. Konkret şəkildə demək istəyirəm ki, komitənin üzvü Hikmət Məmmədovun fəaliyyət göstərən provayderlərlə internet iştirakçıları arasında bağlanan müqavilənin mətninin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsi barədə  təklifi oldu, eləcə də Fazil Mustafa və Əflatun Amaşovun pornoqrafiyaya dair  13–2.3.6-cı maddəyə, o cümlədən icra hakimiyyəti orqanı tərəfindən edilən xəbərdarlığın müddətinin azaldılması barədə 13–3.2-ci maddəyə təkliflər oldu. Fazil Mustafa, bilirsiniz ki, hər zaman çoxsaylı təkliflər irəli sürür və mənim də borcumdur ki, bu barədə sizi məlumatlandırım. Onun “informasiyanın mühafizəsi” sözlərinin “informasiyanın qorunması” sözləri ilə əvəzlənməsi, o cümlədən odlu silahın və onun komplekt hissələrinin, döyüş sursatının hazırlanma qaydasının və üsullarının yerləşdirmə məqsədinin müəyyən olunması ilə yerləşdirilə bilməsi barədə  bir təklifi oldu. Alkoqol içkilərin, tütün məmulatlarının və ya qəlyanın istifadəsinə təhrik edən məlumatların informasiya ehtiyatında yerləşdirilməsinin qadağan edilən informasiyalar sırasına daxil olması barədə təklif oldu. Eləcə də müvafiq icra hakimiyyəti orqanının və məhkəmənin qərarı nəticəsində informasiya resurslarının fəaliyyətinin dayandırılması zamanı ona vurulmuş maddi ziyanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilməsi qaydasının müəyyən olunması ilə bağlı təkliflər oldu. 
Biz müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələləri müzakirə etdik. İndiyə qədər sadaladığım məsələlər bir çox obyektiv səbəblər üzündən  məqsədəuyğun hesab olunmadı, amma məlumat üçün demək istəyirəm ki, Fazil Mustafanın bir təklifi ilə mən də razıyam, çox vacib bir təklif idi, qanunvericilik təşəbbüsünün subyekti ilə də razılaşdırıldı. Bu,  informasiya ehtiyatının sahibinə, domen adının sahibinə, host provayderə edilən xəbərdarlığın  yazılı formada təqdim olunması idi. Edilən dəyişiklikdə bu, sadəcə, xəbərdarlıq kimi nəzərdə tutulmuşdu.
Fazil müəllim, Sizi xəbərdar edirəm ki, artıq Sizin bu təklifiniz qəbul olunub və biz də təqdim olunan layihədə bu dəyişiklikləri nəzərə almışıq. Eləcə də Milli Məclis Aparatının müvafiq şöbəsi qanunun 13–2.2-ci, 13–2.3.2-ci və bir sıra maddələrində redaktə xarakterli dəyişiklikləri qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırıb. O dəyişikliklər də sizə paylanan layihədə nəzərə alınmışdır.
Bir ciddi məqamı da vurğulamaq istəyirəm, yenə də “Normativ hüquqi aktlar haqqında” Qanunun  tələblərinə istinad edərək, 13–4-cü maddədə məsuliyyətə cəlb oluna biləcək subyektlərin sırasına “domen adının sahibi” sözlərinin də əlavə edilməsi təklif olunmuş və qanunvericilik təşəbbüsünün subyekti tərəfindən bu dəyişiklik nəzərə alınmışdır. Hesab edirəm ki, birinci qanunla bağlı komitənin müzakirəsi zamanı bir sıra məsələlər nəzərə alınmışdır və bunu da komitənin xidməti kimi qəbul etmək lazımdır.
İkinci qanunla bağlı dəyişikliklər barədə məlumat vermək istəyirəm. Komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Əflatun Amaşov  müvafiq icra hakimiyyəti orqanının sorğularına 3 gündən gec olmayaraq cavab vermək məsələsi ilə bağlı əgər aktuallıq varsa, vaciblik varsa,  dərhal, mümkün olmadıqda isə bir gün ərzində cavab vermək nəzərdə tutulmuşdur. O cümlədən Fazil Mustafanın burada provayderlərin uçota alınmamasına görə müvafiq icra hakimiyyəti orqanının məsuliyyətini müəyyənləşdirmək barədə təklifi olmuşdu. Qanunvericilik təşəbbüsünün subyekti bu məsələni məqsədəuyğun hesab etməmişdir.
Müvafiq  Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə uyğun olaraq linqvistik ekspertiza keçirilmişdir. Bir qayda olaraq dil və üslub məsələləri bizi hər zaman narahat edir,  ona görə də, qanun layihəsinin birinci maddəsinin 9-cu, 12-ci abzaslarında, 13–1.2-ci, 33–2.3-cü, 43.4-cü maddələrində və keçid müddəasında redaktə xarakterli düzəlişlər edilmiş və qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılmışdır. Hesab edirəm, kifayət qədər geniş məlumat verdim. Müvafiq icra hakimiyyəti orqanının nümayəndələri buradadırlar, hər halda sizin müəyyən suallarınıza cavab verəcəklər. Mən qanun layihəsinin plenar iclasda müzakirə olunub qəbul edilməsi üçün sizə çağırış edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Bahar xanım, qanun layihələrinin müzakirəsinə başlayırıq. Məlahət xanım, sualınız var? Sual verin, sualı çıxışa çevirməyin. Buyurun.
M.İbrahimqızı. Çox təşəkkür edirəm. Mən də bu dəyişikliklərə, sözsüz ki, səs verəcəyəm, həqiqətən, çox önəmlidir. Azərbaycanın  milli təhlükəsizlik konsepsiyasında bu qanunun və ona olan dəyişikliklərin çox böyük əhəmiyyəti var. Sualım nədən ibarətdir? Bu günlərdə vikipediyada gördüm ki, Gəncə haqqında məlumatlar  təhrif olunub,  Gəncə sanki erməni şəhəri kimi təqdim olunub. Bizim qanunvericilikdə, ümumiyyətlə, vikepidiyadakı məlumatların qorunması necə, hansı qanunla tənzimlənir? Bu, ümumiyyətlə, qanunda varmı? Burada, demək olar ki, böyük şəxsiyyətlərimiz, məkanlarımız, şəhərlərimiz haqqında bütün məlumatlar təhrif olunur. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Fazil Mustafa.
F.Mustafa. Ziyafət müəllim, mən bir ənənəyə görə münasibət bildirmək istərdim. Bahar xanıma çox təşəkkür edirəm,  tez-tez  Oqtay müəllim də irad bildirir ki, komitə üzvləri orada  çıxış ediblərsə, burada çıxış etməsinlər. Mən də Bahar xanım  bizim təklifləri səsləndirdiyinə görə çıxışdan imtina etdim. Bu, komitənin  nüfuzunun qalxması, komitədə hamının daha operativ iştirak etməsi üçün olduqca vacibdir. Çox istəyərdim ki, bu ənənəni bütün komitə sədrləri davam etdirsinlər,  bəziləri edirlər. Orada nə çıxışlar, təkliflər olubsa, vaciblərini burada səsləndirsinlər ki, təkrar çıxışa ehtiyac qalmasın. Ona görə təşəkkürümü bildirmək istədim. Sağ olun.
Sədrlik edən. Fazil müəllim, bu ənənə bizdə çoxdan var. Mən hesab edirəm ki, bütün komitə sədrləri çıxış edən deputatların adlarını çəkərək hansı təkliflər verdiklərini burada göstərirlər. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bahar xanım ətraflı şəkildə hər iki qanundakı dəyişikliklərlə bağlı öz fikirlərin bildirdi. Hesab edirəm ki, bizim müzakirə etdiyimiz bu məsələ, mən deyərdim ki, hətta bir çox məsələlərdən daha ciddidir. Bəllidir ki, bu gün bəşəriyyət və dünyanın idarə olunması informasiya üzərində qurulubdur və bu informasiyanın  hansı formada yaranması, çatdırılması, vətəndaşların bunu hansı formada qəbul etməsi çox böyük bir zərurət yaradır ki, informasiyanın təhlükəsizliyi məsələsi önə çıxsın və birinci dərəcəli olsun. Əgər nəzərə alsaq ki, bir tərəfdən ərazisi işğal olunmuş, ikinci tərəfdən müharibə şəraitində yaşayan bizim kim bir dövlətin əhatəsində Azərbaycana marağı olan bir sıra ölkələr və dövlətlər fəaliyyət göstərir, biz informasiya təhlükəsizliyinə daha ciddi şəkildə nəzarət etməliyik. Düzdür, qanuna  dəyişikliklərdə bu nəzərdə tutulub. Amma biz bunu bir az da sərtləşdirməliyik və müəyyənləşdirməliyik ki, bu informasiyanın mənbəyi haradadır. Bu informasiyadan kimlər hansı formada istifadə edirlər, cəmiyyətdə hansı ab-hava bu informasiyaları yarada bilər.
Mən heç uzağa getmirəm. Hörmətli Sədr, sadə bir məsələyə toxunmaq istəyirəm. Misal üçün, dünyada intiharın sayına görə  Finlandiya və yaxud da bəzi Avropa ölkələri birinci yerdə gedir. Bunun tamamilə  başqa-başqa səbəbləri var və araşdırılır. Lakin görürsən ki, sırf bununla bağlı statistika verirlər. Fərdi şəkildə həyata keçirilən  intihar hadisəsi digərinə olduğu kimi çatdırılmır. Burada oturanların böyük əksəriyyəti sovetlər birliyində yaşamış insanlardır. Bəyəm sovetlər birliyində intihar olmurdu, avtomobil qəzası olmurdu? Bu gün televiziyanı açanda da, internet saytlarında da daha önəmli məsələləri kənara qoyub, populyarlıq xatirinə birinci növbədə belə hadisələri yüksək şəkildə təqdim etməyə çalışırlar. Başa düşmürlər ki, bunu təqdim edəndə digəri də baxıb bundan öyrənir.
Bu yaxınlarda bir informasiya getmişdi ki, bir sinifdən 5 uşaq intihar edibdir. İndi başqasının da yadına salır ki, bu da başlasın davam etməyə. Yaxud da ki, bir avtomobil qəzası baş verib. Allah ölənlərə rəhmət etsin, qalanlara can sağlığı versin. Hətta görürəm ki,  bizim bəzi həmkarlarımızdan  buna şərh verənlər də var. Buna nə şərh verirsən, ya ehtiyatsızlıq üzündən olub, ya texniki nasazlıq üzündən olub, ya da başqa səbəblərdən.  O cümlədən televiziyalarımızda görürsən ki, verilişlər gedir. Hamısı mütləq cinayət xronikası verməlidir.  Bu, qapalı bir informasiyadır. Elə olur ki, məsələn, Gəncədən bir məlumat verilmişdi ki, qazdan boğulublar, sonra üstü açıldı ki, bunlara qarşı sui-qəsd olub, öldürülüblər. Yəni belə informasiyanı tələm-tələsik cəmiyyətə çatdırmaq və ya bundan hansısa xal qazanmaq məsələsi düzgün hesab olunmamalıdır.
Məsələn, televiziyada çox yaxşı bir “Rezonans” verilişi var idi, Ədliyyə Nazirliyi tərəfindən hazırlanırdı, deyəsən, Milli Məclisdən də  orada iştirak edirdilər. Orada göstərilirdi ki, kim törətdiyi cinayətə görə peşman olub,  gənc olduğu üçün bu addımı atıb və sair. Digərlərinə də dərs olurdu və bundan nəticə çıxarırdılar. Lakin indi biz bunun tərsini göstəririk ki, bilməyənlər də öyrənsinlər, özünü asmaq,  özünü vurmaq hansı formada olmalıdır, başqasını öldürüb gizlətmək hansı formada olmalıdır bilsinlər. Bu saat o informasiyaları alan insanlar çoxdur.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

İkinci bir tərəfi, cənab Sədr, bütün insanlarla bağlıdır. Hər bir dövlətdə  istənilən məqalələrə şərh yazmaq, münasibət bildirmək üçün qeydiyyat məsələsi var. Yəni şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçdikdən sonra istənilən informasiyanı yaya da bilər, yaza da bilər və sonra bunun məsuliyyətini daşıya da bilər. Bizdə, düzdür, internet  həddindən artıq azaddır. İstənilən adam istənilən şəxsi təhqir edir, amma düşünmür ki,  bunu  o adamın qohum-əqrəbası da oxuyur, digər şəxslər də oxuyur.  Bu adam  fəaliyyətdə yoxdur, heç kimdir. Yalançı bir şəkil qoyur, bir ad qoyur, istədiyi fikri orada ifadə edir. Burada ya o internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır, yaxud da elə bir sistem qurulmalıdır ki, bu, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçsin. Onda müəyyən oluna bilər.
Hətta başqa  məsələlərdə də  belədir. Elə  götürək ki, internetdə müxtəlif yazı müsabiqələri keçiririk,  görürsən, biri qalib gəlir. Sonra öyrənirsən ki, bu adam heç o müsabiqədə iştirak etməyib. Anası və ya atası  jurnalistdir, övladının əvəzinə yazır və bu  qalib olur. Sonra başqa bir iş həvalə edəndə görürsən ki, bunun heç internetdən, ümumiyyətlə, xəbəri yoxdur. O baxımdan  bu məsələlər, bu informasiyalar dəqiqləşdirilməlidir. Yaxud da xaricdə hər hansı bir portal yaradır,  Azərbaycan əsgəri ilə bağlı, ordu ilə bağlı, Azərbaycanın təhlükəsizliyi ilə bağlı bir yazını oraya atır, bizimkilər də qaçaraq onu götürüb  birinci səhifəsində yerləşdirir, sonra  həmin şəxs informasiyanı silir və nəticə etibarilə bu, bizimkilərin üzərində qalır. Müəyyənləşdirirsən ki, buradan hansısa ad altında qaçan bir azərbaycanlı Amerikada və yaxud Avropada bunu yalandan o erməni lobbisinin maliyyəsi hesabına yaradır. Hətta aprel döyüşləri ilə, digər məsələlərlə əlaqədar belə yalan məlumatları Azərbaycan cəmiyyətinə də yayırlar. Ola bilər ki, bu cəmiyyətdə kimlərə isə təsir edə bilərlər. Ola bilsin ki, 40 faizinə etməsin, 3 faizinə etsin, bütün hallarda bu təsirdir. O baxımdan da Bahar xanım, mən hesab edirəm ki, gələcəkdə bunun o formalarını  tapmalıyıq və bu informasiyadan düzgün istiqamətdə istifadənin həm mühafizəsini, həm də istifadəsini müəyyən etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, əziz media nümayəndələri! Mən də bu qanunlara təklif olunan  dəyişikliklərlə bağlı fikrimi bildirmək istərdim. Hörmətli Bahar xanım öz çıxışında kifayət qədər geniş danışdı. Doğrudan da, komitə iclasında bu məsələlər çox ciddi müzakirə edildi, ancaq burada bir sıra məqamlara da toxunmaq istəyirəm. İlk növbədə onu  deyim ki, həm ölkə daxilində, həm də xaricində bir sıra qurumlar bu dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar. Onların fikirlərinə rast gəlirik. Halbuki məsələ belə deyil.
Dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi müstəvilər sistemində çıxış edir. Bu o deməkdir ki, internet məkan virtuallığından reallıq müstəvisinə daxil olub. Nəticədə, şübhəsiz, konkret məsuliyyət növləri də müəyyənləşib. Azərbaycanda da eyni proses gedir və getməlidir. Əlbəttə, müəyyən məsələlər var ki, onları mübahisələndirmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir. Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz ilə ifadə azadlığının məhdudlaşdırılması deyildir. Kimlərsə məsələyə spekulyativ çalarlar gətirib cəmiyyəti çaşdırmamalıdır, problemə obyektiv yanaşılmalı, tələsik qiymət verilməməlidir. Obyektiv yanaşma isə bundan ibarətdir ki, hər iki layihə bir-birini tamamlayır, ümumən internet məkanımızda tənzimləmə aparmağa xidmət edir. Dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir, ona dövrün tələbindən irəli gələn anlayışlar gətirir. Mən bu məsələyə media ictimaiyyətinin yanaşmasını da obyektiv qiymətləndirirəm. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə, əsasən, internet media orqanlarının timsalında özünü göstərir. Onlar cəmiyyətə daha yaxındırlar. Fəaliyyətlərinin mənfi və ya müsbət tərəfləri cəmiyyətə daha çox təsir göstərir. Mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya ünvanlanır. Ona görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır.
Məsələ ilə bağlı bir məqama da toxunmaq istərdim. Burada nələri demək istəyirəm? Hesab edirəm ki, bu dəyişikliklər başqa dəyişikliklər üçün də əsas ola bilər. Bildiyiniz kimi, internet media orqanlarının sayı artıb. Ancaq gəlin görək internet media özü müstəqil şəkildə, təkrar edirəm, müstəqil şəkildə hüququn müstəvilər sistemində təmsil olunurmu? Olunmur. İnternet mediaya sözün tam mənasında kütləvi informasiya vasitəsi deyə bilərikmi? Tam mənada deyə bilmərik. Yəni qanun buna imkan vermir. MMC olaraq qeydiyyatdan keçmək hüquqi baxımdan KİV demək deyildir. Belə olduqda bu, təşkilatların fəaliyyətinin KİV kimi müqayisələndirilməsini də çətinliyə salır. Əminəm ki, bu gün dəyişikliklər qəbul ediləcək. Deyək ki, kim isə uçot və digər tələbləri yerinə yetirərək özünə internet resurs yaratdı. Həmin şəxs hansı isə məlumatı paylaşacaq. Bu paylaşım onun yaratdığı quruma kütləvi informasiya vasitəsi deməyə əsas verəcəkmi? Kütləvilik hansı meyarlarla ölçüləcək? Hesab edirəm ki, belə məqamlara da hüquqi baxımdan aydınlıq gətirilməlidir. Bu isə internet medianın özünün müstəqil şəkildə hüquqi münasibətlər sistemində təmsilçiliyindən asılıdır.
Əlbəttə, qeyd etdiyim məqamlar müzakirəyə açıq mövzulardır. Ancaq məncə, çox vacibdir. Vaciblik ən başlıcası onunla əsaslandırılır ki, media ictimaiyyəti məhz bu gün reklamın olmadığı bir məqamda internet medianın qəzetlər kimi dövlətdən maliyyələşməsinin zəruriliyini irəli sürür. Bu, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından da son dərəcə vacibdir. Bəs maliyyələşmə  necə aparılsın? Burada  problem məhz ona görə yaranır ki, internet media hüquqi baxımdan kütləvi informasiya vasitəsi deyil. Göründüyü kimi, məsələ həssasdır, çox istərdim ki, bu gün müzakirə edilən qanun layihəsi qeyd etdiyim istiqamətdə də müvafiq tədbirlərin görülməsi üçün baza rolunu oynasın. İnanıram ki, belə də olacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Bahar xanıma və komitəyə təşəkkür edirəm. Çox vacib məsələ ilə bağlı çox yüksək səviyyədə hazırlanmış bir layihədir. Həmkarım Əflatun Amaşovun səsləndirdiyi son təklifləri də dəstəkləyirəm ki, bu məsələlərin öz həllini tapması bu sahədəki problemlərin kökündən həllinə ciddi dəstək olardı. Sadəcə, iki məsələ ilə bağlı qanun layihəsinə fikrimi bildirmək istəyirəm. Bunun biri 13-3-cü maddə ilə bağlıdır. “İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması” maddəsində göstərilir ki, xəbərdarlıq etdiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon məhkəməsinə müraciət edir. 8 saat kifayət qədər böyük bir zamandır. Nəzərə alsaq ki, məlumatlar internet məkanında çox sürətlə yayılır, mən düşünürəm ki, bu 8 saatı, əslində, azaltmaq olar. Biz hansı məlumatlardan danışırıq? Bu, dövlətin təhlükəsizliyinə, cəmiyyətin təhlükəsizliyinə ciddi şəkildə zərər verən məlumatlar da ola bilər. Bu istiqamətdə hesab edirəm ki, bu zamanı, əslində, bir az da azaltmaq mümkündür. Çünki yenə vurğulayıram, 8 saat internet məkanında bu dezinformasiyanın, qərəzli məlumatların yayılması üçün kifayət qədər böyük bir zamandır.
İkincisi, çox hörmətli Bahar xanım söylədi ki, bunu həmkarım Fazil bəy də təklif etmişdi, 13-2.3.5-ci maddədə narkotik vasitələr, psixotrop maddələr, bu seriya gedir. Əslində, bu da vacib olardı ki, elə alkoqol da, tütün məhsulları da buraya daxil edilsin. Bu, işin zərərinə olmazdı, əksinə, müsbət təsir göstərərdi. Bu, bizim bəzi qanunlarda  təsbit olunmuş məsələlərin elə burada da təsbit olunduğunu təsdiq edərdi. Bununla bağlı xoş olmayan materiallar, məqalələr,  qeyri-qanuni və sair kimi məsələlərlə bağlı çox ciddi şəkildə bəzən xoşagəlməz məlumatlar geniş yayılır. Bu da çox vacibdir ki, bu məsələni həyata keçirən qurumun üzərinə  ciddi vəzifələr düşəcək. Doğrudan da, bu məsələ ölkənin təhlükəsizliyi ilə bağlı bir məsələdir.
Burada mənim həmkarım Məlahət xanım bir məsələni vurğuladı. Hörmətli Siyavuş müəllim də bəzi istiqamətlərdə fikrini söylədi. Kim vikipediyaya nəzarət edirsə, buna, doğrudan da, ciddi şəkildə diqqət edilməlidir. Vikipediyada Azərbaycan əleyhinə böyük məsələlər var. İstəyir yer adları ilə bağlı olsun, istəyir tariximizlə, şəxsiyyətlərimizlə bağlı olsun, vikipediyaya çox ciddi nəzarət olmalıdır. Çünki dünyada Azərbaycanla, yer adlarımızla, tariximizlə, şəxsiyyətlərimizlə bağlı məlumat almaq istəyəndə ilk girilən yerin biri vikipediyadır. Bu, dünyada yayılmış bir prosesdir. Ona görə vikipediya çox ciddi nəzarətdə olmalıdır. Amma çox təəssüf ki, vikipediyada  tariximizlə bağlı, bölgələrimizin tarixi ilə bağlı, soyqırımlarla bağlı  çox ciddi problemlər var. Hörmətli Bahar xanım, yəqin, bu məsələlərlə bağlı  müzakirələrə ehtiyac var.
Bu gün biz “az” domen ilə bağlı bizim Azərbaycan dövlətinin nəzarətində olan provayderlərə və sairə nəzarət edirik. Amma bu informasiya məkanında  domen bazarında ən çox istifadə olunan “com”-dur, “net”-dir, “org” və sairdir. Burada çalışmalıyıq ki, Azərbaycanın tarixi bölgələrinin adları ilə bağlılıq olsun. Bu domenlərin bəziləri çox çirkin qrupların əlinə keçib və onlar o domenlərdən Azərbaycan əleyhinə ciddi şəkildə istifadə edirlər. Bu domenlərlə bağlı məsələn necəsə həll etmək,  bir müzakirə açıb bu istiqamətdə işlər görmək lazımdır. Çünki biri Fransada, İngiltərədə oturur, Azərbaycanın filan məsələsi, bölgəsi yazan kimi qabağına ilk öncə “com” domenində “net”, “org” çıxır. Orada,  çox təəssüf ki, bu qruplar bir zamanlar bunları məqsədli şəkildə əldə ediblər və bu gün də Azərbaycan əleyhinə istifadə edirlər. Ona görə də məsələ ilə bağlı  müzakirələr açılmalıdır, fikirləşməliyik ki, bu istiqamətdə nə edə bilərik, buna  ehtiyac var. Amma bugünkü müzakirələrlə hesab edirik ki, bir çox ciddi problemləri ortadan qaldıra biləcəyik. Ona görə də biz hamımız bunu dəstəkləyirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Oqtay müəllim, söz verdiyiniz üçün təşəkkür edirəm. Bahar xanım qanun haqqında geniş məlumat verdi. Mən də həmkarlarımı dəstəkləyirəm, lakin bir məsələyə toxunmaq istəyirəm. Bu gün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliklərin edilməsini əsas gətirməklə bir mühüm məsələyə də toxunmaq istərdim. Xüsusilə də bütün həftə ərzində cəbhə xəttində baş verən hadisələrdən dolayı informasiya sahəsində cərəyan edən irrasionallıqdan söz açmağı özümə borc bilirəm. Sirr deyil ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayır və hələ də qanlı toqquşmalar baş verir, şəhidlərimiz olur. Şəhid olan əsgər və zabitlərimiz Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçirlər. Onlar şəhidlik zirvəsinə yüksəlməklə, eyni zamanda, bütün Azərbaycan xalqını qoruyurlar. Bizim sabit atmosferdə yaşamımızı təmin edirlər. Amma cəmiyyətimizin bəzi ünsürləri nə edirlər? Şəhidlərimiz üzərindən reytinq, populyarlıq qazanmaq üçün bütün vasitələrə əl atırlar. Bu, xüsusilə diqqəti cəlb etməyə çalışan və yeni fəaliyyətə başlayan internet resurslarına aiddir. Doğrudur, Azərbaycanda söz azadlığı var və bu, qanunla qorunur. Lakin bu o demək deyildir ki, biz düşmən dəyirmanına su tökərək bunları gündəmə gətirək və ictimai fikri çaşdıraq.
Bu günlərdə bəzi Azərbaycan media nümayəndələri, sosial şəbəkə istifadəçiləri şəxsi və korporativ maraqları üçün qarayaxma kampaniyası apardılar. Hətta onların yazdıqları səhəri gün düşmən ölkənin saytlarında yer aldı. Yəni budurmu şəhidlərimizə verilən dəyər? Fikrimcə, artıq bu cür internet resurslarını, onların sahiblərini, sosial şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etməyin vaxtıdır. Axı nə üçün düşmənlə mübarizə apardığımız bir vaxtda daxildə hansısa  dairəyə xidmət edənlər yeni cəbhə açmalıdırlar. Niyə dövlət sirri sayılacaq informasiyaları, videokadrları yayıb düşməni məlumatlandırmalıdırlar? Bu, peşəkarlıqdan öncə vətənpərvərlik, vətəndaş məsuliyyəti tələb edən bir işdir axı. Fikirlərimi yekunlaşdıraraq bir daha demək istəyirəm ki, media vasitələri, xüsusilə də bəzi internet saytları dövlətin və xalqın maraqlarını hər şeydən öndə görməlidirlər. Baş verən hadisələrin işıqlandırılmasına peşəkarcasına yanaşmalıdırlar. Elə etməlidirlər ki, düşmən informasiya baxımından psixoloji cəbhədə  xalqımıza, ictimaiyyətimizə  içimizdən olanların əli ilə zərbə vura bilməsin. 
Bu gün Azərbaycanı müdafiə etmək hər bir vətəndaşımızın borcudur. Vəzifəsindən, statusundan, dinindən, dilindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin  müdafiəsində iştirak etməli və öz vətəndaşlıq borcunu ödəməlidir. Qanun layihəsinə  səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sevinc Fətəliyeva.
S.Fətəliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, biz çox  önəmli və maraqlı mövzunu müzakirə edirik. Düşünürəm ki, bunun tam vaxtıdır. Ona görə də, Bahar xanım, Sizə çox böyük minnətdarlığımı bildirirəm.  Mən şəxsən onu düşünürəm ki, media azadlığı deyəndə biz müəyyən məhdudiyyətlər qoymalıyıq. Ona görə  ki, azadlıq hər şeyə icazə vermək demək deyil. Əgər biz mediadan danışırıqsa, burada müəyyən məhdudiyyətlər olmalıdır. Bu gün biz müasir mediada onu müşahidə edə bilirik ki, müəyyən ənənələr mövcuddur. Müəyyən  şəxslərin və  hadisələrin, saytların populyarlaşması üçün yanlış məlumatların yayılmasına yol verilir. Düşünürəm ki, buna qarşı çox ciddi mübarizə aparılmalıdır.
Mən bir məsələyə diqqət yetirmək istərdim. Bayaq Siyavuş müəllim çox önəmli bir məsələni vurğuladı. Bu gün uşaq intiharlarının sayı artır. Burada, təbii ki, medianın və internet resurslarının rolu çox böyükdür.  Siyavuş müəllim də çox düzgün qeyd etdi, partlayış vasitələrinin adları, partlayış cihazlarının yaradılması, hansı intihar növlərinin mövcud olması, zorakılıqların növləri, bunların  hamısı açıq şəkildə mediada yayımlanır və bloq şəklində, Youtube-da, ya da hansısa başqa vasitələrlə  uşaqlar tərəfindən izlənilir və bəzi hallarda bir nümunə kimi qəbul edilir.
Mən çox vacib bir məsələyə də toxunmaq istəyirəm.  Son illər ərzində Rusiyada, Qazaxıstanda çox böyük populyarlıq əldə etmiş bir oyun mövcuddur, internet oyunudur. Təəssüflər olsun ki, hazırda bu, Azərbaycanda da yayılır. “Mavi balina” adlı bir oyundur. Rusca “Синий кит” deyirlər ona. Bu, 11–15 yaşlı uşaqları intihara məcbur edən bir oyundur. Psixoloji təzyiq vasitələri ilə müəyyən mərhələləri keçərək  uşaqların özlərinə fiziki zədə yetirməsinə, son mərhələdə isə intihar etməsinə səbəb olur. Mən düşünürəm ki, bu çox böyük faciədir. Çox vaxt uşaqlar bunu  valideynlərindən gizli izləyirlər. Bunun hansısa bir tənzimləmə üsulu olmalıdır. Mən arzu edərdim ki, müəyyən bir qanun layihəsi ilə  belə  oyunların, belə  çağırışların qarşısı alınsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Sevinc xanım. Elə dünən Rusiya Dövlət Dumasında bu məsələlərə görə yeni bir qanun təklif etdilər. Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Mən Məlahət xanımın verdiyi sualla  bağlı, vikipediya elektron informasiya resursu barədə fikirlərimi paylaşmaq istəyirdim. Bəli, bu, dünyada  ən geniş istifadə sayı olan elektron platformadır. Bu platformanın  prinsipi ondan ibarətdir ki, hər kəs məlumatı redaktə edə bilir. Bu səbəbdəndir ki, həmin platformada  redaktə müharibələri deyilən bir anlayış var. Bir nəfər bir fikr paylaşır, digər bir nəfər asanlıqla girib onu dəyişdirə bilir. Bu da bir reallıqdır ki, bəli, Azərbaycan barədə məlumatlar, yəni tariximiz, Qarabağ münaqişəsi və digər məlumatlar təhrif edilir. Ancaq təəssüf ki, qanun çərçivəsində və hansısa nəzarət orqanları vasitəsilə bununla mübarizə aparmaq  imkanları çox məhduddur.
Burada, hesab edirəm ki, müəyyən məsələlər nəzərə alınmalı, əsasən, geniş ictimaiyyət bu proseslərdə fəal iştirak etməlidir. Çünki hər bir kəs, sadəcə, məlumatları yeniləyəndə müəyyən əsaslandırılmış istinadlar  əlavə etməlidir.  Nəticə olaraq bu, həmin o məlumatların həqiqiliyini saxlayır.
Digər bir tərəfdən, vikipediyada  mühafizə olunan məlumatlar deyilən bir funksiya var. Siz hər hansı bir məlumatı mühafizə edən statusu müəyyən etsəniz, həmin məlumatın artıq redaktə olunması daha mürəkkəb bir prosedura düşür. Bu baxımdan mən hesab edirəm ki, biz bu prosesdə, sadəcə, gənclərimizi, geniş  ictimaiyyəti daha fəal olmağa dəvət etməliyik. Nəzarət orqanlarından bu sahədə  tələblərimiz çox yüksək olmalı deyil. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən istərdim, Elmir Vəlizadəyə, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininə söz verək. Bəlkə sözü var. Buyursun.
E.Vəlizadə,  Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Bahar  xanım bu qanun layihələri barədə ətraflı məlumat verdi. Mən istərdim ki, ilk növbədə həm komitədə, həm də indi çıxış edərək fikirlərini bildirən bütün  millət vəkillərinə minnətdarlığımı bildirim. Onu qeyd edək ki, Azərbaycanda, bilirsiniz, informasiya və kommunikasiya texnologiyaları sahəsi çox  dinamik inkişafdadır, o cümlədən də internet tam sərbəst şəkildə istifadə edilməkdədir. Burada qanun layihələrində təklif olunan  düzəlişlər  internet məkanında baş verən qanunazidd fəaliyyətin qarşısının alınmasına yönəlmiş tədbirlərdir. Eyni zamanda, ölkənin kiber və ümumiyyətlə, informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş olan tədbirlərdir. Mən istərdim, diqqəti burada səslənmiş fikirlərə yönəldim. Hesab edirik ki, bu qanun layihələrində verilmiş maddələr ölkəmizdə bu sahədə hüquqi əsas yaradacaq. Ən əsası da beynəlxalq təcrübəyə uyğun olan təcrübənin ölkəmizdə tətbiqinə imkan verəcəkdir. Burada vikipediya  barədə  söylənilmiş fikirlərə istərdim, diqqətinizi cəlb edim. Vüsal müəllimin verdiyi cavab mahiyyəti tam şəkildə əks etdirir.
Təəssüflə qeyd etməliyik ki, vikipediya son zamanlarda, əslində,  təhrif olunmuş informasiya mənbəyi kimi də çıxış edir. Hətta müəyyən  məlumatlar var idi ki, Böyük Britaniyada vikipediyadan dərs prosesində də mənbə kim istifadə etmək səlahiyyəti və yaxud icazəsi verilmişdir. Son dövrlərdə mötəbər mənbə kimi istinad edilməsi ləğv edilmişdir. Ona görə ki, vikipediyada artıq o qədər təhriflər baş verir ki, onların düzgünlüyünü sübut etmək çətinləşir. Onu qeyd edək ki, vikipediya kimi mənbə  istifadəçi tərəfindən yaradılan mənbədir və bilavasitə həmin mənbənin özünün qaydaları ilə tənzimlənir. Yəni hər hansı bir milli səviyyədə qanunun qəbul edilməsi ilə o məlumatların tənzimlənməsi bir o qədər də real görünmür. Bu baxımdan oradakı o təşəbbüsü, fikri dəstəkləmək olar ki, vikipediyada biz daha çox Azərbaycan haqqında düzgün, doğru məlumatların sayını çoxaldaq və axtaran zaman Azərbaycan haqqında həqiqətə uyğun məlumatlar tapaq. Eyni zamanda, həqiqətə uyğun olmayan məlumatlara qarşı da öz mübarizəmizi apararaq onların təhrif olunmasının qarşısını almalıyıq.
Burada digər məsələləri də qeyd  edim. Daha çox burada intiharla bağlı məsələlərə toxunuldu. Bu məsələlər təqdim olunan qanun layihəsində nəzərdə tutulub. 13-2.3.8-ci maddədə ətraflı şəkildə  qeyd olunub ki, intiharı problemlərin həll üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə  yayılan məlumatlar, əslində, burada qeyd  olunan bütün məsələləri əks etdirir. O baxımdan   da hesab edirik ki, qanunvericilikdə bunun əks olunması çox müsbət bir addım olacaq və biz artıq belə mənbələrin xüsusilə  də ölkəmizin ərazisində yayılmasının qarşısının alınmasını təmin edə biləcəyik. 
Burada Siyavuş müəllim tərəfindən şəxsiyyət vəsiqəsinə görə qeydiyyata və sair məsələlərə toxunuldu. Onu qeyd edək ki, bu qanun layihəsində artıq internet  saytların sahiblərinə, hətta domen sahibinin özünə məsuliyyət müəyyənləşdirilir ki, əgər orada yerləşdirilən məlumatda, hətta o məlumatın aşağısında  veriləcək şərhlərdə qanunazidd fikirlər olarsa, onlar bilavasitə bunun aradan qaldırılmasını, həll olunmasını, yəni dərhal silinməsini həyata keçirməlidirlər. Ona görə də orada müəyyən vaxt müəyyənləşdirilib.
Burada digər bir məsələ 8 saatla bağlı idi. Onu da qeyd edək ki, komitədə  də müzakirə zamanı bu məsələ barəsində fikirlər söylənilmişdir. Biz onu çox ətraflı müzakirə etdikdən sonra yenə də  8 saat saxlamaq qərarında qaldıq. Çünki bu 8 saata məsələnin mahiyyətinin araşdırılıb  məhkəməyə çıxarılması  müddəti kim baxılır. Bu baxımdan 8 saat müddəti qalıb. Ancaq bununla yanaşı, qanunun 13-2.4 və 13-2.5-ci maddələrində  qeyd olunub ki, host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda dərhal onun informasiya ehtiyatının  sahibi tərəfindən  götürülməsi üçün tədbirlər görür. Yən bu 8 saat müddətlə yanaşı, belə addımlar da nəzərdə tutulub ki, bu məlumatların qarşısının alınması təmin olunsun.
Digər məsələ. Burada “az” domen ilə bağlı  məsələ də qaldırıldı. Onu da qeyd edək ki, burada təklif olunan, daha doğrusu, burada qeyd olunan fikir ondan ibarətdir ki, informasiya ehtiyatları həm milli domendə, yəni “az” domendə, həm də müxtəlif domen zonalarında yaradıla bilər. Əgər bu domen zonalarında da Azərbaycanın milli maraqlarına qanunazidd məqamlar  olarsa, onların da ölkə ərazisində yayılmasının məhdudlaşdırılması  bu qanunun düzəlişləri ilə  tənzimlənəcəkdir. Biz hesab edirik ki, burada verilən düzəlişlər sayəsində mümkün olacaqdır ki, Azərbaycan ərazisində   qanunazidd məlumatların yayılması tam şəkildə məhdudlaşdırılsın.  Ümumən bu qədər, Oqtay müəllim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 9-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.19 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti 11-ci məsələsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikasının qanun layihəsi “Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsində əks olunan sellülar (mobil) rabitə xidmətləri müddəasının həmin qanunun dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı adlanan 2 nömrəli əlavəsinə daxil edilməsi, həmin fəaliyyət növünə lisenziyanın 10 il müddətinə verilməs və sözügedən maddədə nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanılması məqsədi ilə   hazırlanmışdır. Qanun layihəsi, şübhəsiz ki, mobil rabitə xidmətlərinin dövlət və ictimai həyatdakı əhəmiyyətindən irəli gəlir. Eyni zamanda, bu dəyişikliklər mobil rabitə operatorlarının məsuliyyətinin artmasına, son nəticədə mobil rabitə sahəsində əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəlməsinə imkan verəcəkdir. Ona görə millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
12-ci məsələ “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Bunlar texnik dəyişikliklərdir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bilirsiniz ki, reklam haqqında çox gözəl bir qanun hazırlanmışdır. Qanunun 6.1.8-ci,  26.2-ci və 26.3-cü maddələrində müvafiq “icra hakimiyyəti orqanının” sözlərindən sonra “yaratdığı qurum” sözlər əlavə edilir. Hesab edirik ki, bu dəyişikliklər də,  cənab Sədr artıq qeyd etdi, dəqiqləşdirmə məqsədi daşıyır. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyimizin bugünkü son məsələsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, cənab Prezidentin 2014-cü il  4 noyabr tarixli sərəncamı olub. Bu sərəncam 2014–2020-ci illərdə Azərbaycan Respublikasının pensiya təminatı sisteminin islahatları haqqındadır. Yəni bu qanuna dəyişikliklər islahatlardır. Söz verək Hadi Rəcəbliyə.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, bu dəyişikliklər cənab Prezidentin 2006-cı il 7 fevral 54 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərdir. Siz düzgün səsləndirdiniz ki, bu dəyişikliklər 2014-cü ildə möhtərəm Prezidentimizin sərəncamı əsasında təsdiqlənmiş 2014–2020-ci illərdə pensiya təminatı sisteminin islahatları konsepsiyası ilə bağlıdır. O konsepsiyada qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib. O vəzifələrin biri də məhz qanuna edilən əlavə və dəyişikliklərdir.  Oqtay müəllim, mən Sizə minnətdaram ki, bu müzakirələri 3 ay müddətinə uzatdınız və bizə təqdim olunan sənəd 3 ay müddətində müvafiq strukturlarla işçi qaydasında bir neçə dəfə müzakirə olundu.  Onu da demək istəyirəm ki, bizim komitə üzvlərindən başqa biz digər komitələrə də müraciət etmişdik, o komitələrdən olan deputatlar da gəlib müzakirələrdə iştirak etdilər və bu layihəyə aydınlıq gətirildi. 
Bütövlükdə  qanun layihəsi 47 maddədən ibarətdir. 2006-cı ilin qanunudur, bunun 22 maddəsinə 98 adda dəyişiklik edilib. Əlbəttə, bu dəyişikliklərin hamısını sadalayıb vaxt almaq olmaz. Deputat həmkarlarıma sənəd paylanıb. Bizim şöbə çox sanballı bir arayış hazırlayıb. O dəyişikliklərin hamısı orada öz əksini tapıbdır. Mən qısa məlumat verəcəyəm, dörd qrup məsələlərdir. Birinci qrup məsələ ondan ibarətdir ki, bütövlükdə Azərbaycanın “Əmək pensiyaları haqqında” Qanunu sığorta sisteminə uyğunlaşdırılıb. Yəni əvvəlki illərdə bizim yığımın, bildiyiniz kimi, 37 faizini dövlət büdcəsi ödəyirdisə, indi burada məqsəd, əsasən, sığorta haqları hesabına bizim pensiya haqlarının ödənilməsi prinsipidir. Bu baş xətdir və digər məsələlər də bu xətt ətrafında öz əksini tapıb.
Digər bir məsələ struktur və maliyyə sisteminin dəyişilməsidir. Struktur nədən ibarətdir? Əvvəllər bir adamın 12 il iş stajı olanda, yaşı çatanda əmək pensiyasını müəyyənləşdirirdik. İndi isə bu iş stajı məsələsi gündəmdən götürülür. İndiki vəziyyətdə  pensiyanın baza hissəsi 110 manatdır. Həmin o 110 manatı minimum məbləğ kimi hesab edirik, yəni əməkçi Dövlət Sosial Müdafiə Fonduna müəyyən müddətdə haradasa 16–17 min civarında vəsait köçürürsə, minimum olaraq bu 144 aya, yəni 12 ilə bölünəndə 110 manat edir və bu 110 manat da minimum məbləğ hesab olunur və bu məbləği yığan adamın pensiya almaq hüququ müəyyənləşir. 
Digər bir önəmli məsələ nədən ibarətdir? Pensiyanın baza hissəsi deyilən bir məsələ var idi və bu baza hissəsi bizim tərəfimizdən müəyyənləşdirilirdi. Sonra da sığorta hissəsi ildə bir dəfə indeksləşdirilirdi. Hamınız bunu bilirsiniz. İndi isə bu indeksləşməni bütöv məbləğə edəcəklər. Bu da, əlbəttə, pensiya haqqının artmasına xidmət edəcək.
Üçüncü paket məsələlər yaş ilə bağlı olan məsələlərdir. Mətbuat da bunu geniş müzakirə edir. Bu məsələ bizim sənədlərdə də öz əksini tapıb.  Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov və onun bütün işçiləri bizim komitə iclasında iştirak elədilər və əsasnaməni orada bizə çatdırdılar.
Başqa bir istiqamət  imtiyazlar ilə bağlıdır. Bizdə böyük qrup insan pensiya islahatlarından istifadə edir. Burada, əlbəttə, bir neçə addım atılıb. Bunların biri ondan ibarətdir ki, dövlət qulluqçuları əvvəl 5 il stajları olanda zaman-zaman bu imtiyazlara malik ola bilirdilər. İndi isə o müddət 15 ilə qaldırıldı.
Digər bir addım. Prokurorluq işçilərində əvvəl 25 il iş staji olanda onun 12 il yarımı  sırf o sistemdə olarkən bu imtiyazlara malik idilərsə, indi bu rəqəm 35 ilə qaldırılıb.
Bir  sıra məsələlər də var ki, biz bəzi addımları atdıq. Məsələn, əvvəllər hərbi qulluqçulara pensiya verilərkən onların ailəsində uşaqların sayı müəyyənləşdirilir, pensiya buna uyğun  verilirdi. İndi isə  bütün hərbi qulluqçulara birdəfəlik 80 faiz miqdarında pensiya verilir. Bütövlükdə bütün düzəlişlərin, əlavələrin bizə təqdim olunan sənəddə mahiyyəti ondan ibarətdir ki, əmək pensiyalarının həcmində artım hiss olunsun.
Oqtay müəllim, mən onu vurğulamaq istəyirəm ki, müzakirələr vaxtı biz qanunvericilik təşəbbüsünün subyekti ilə vaxtaşırı əlaqə saxladıq. Biz nazirliklə bir yerdə işlədik və 6 əlavə təklif verdik. Bu təkliflər qanunvericilik təşəbbüsünün subyekti tərəfindən qəbul olunub. Mən istəyirəm onları səsləndirəm ki, deputat həmkarlarımın məlumatı olsun.
Birinci məsələ nədir? Yadınıza gəlirsə, 63 yaşı tamam olmuş  kişilər pensiyaya çıxdıqdan sonra işləyirdilərsə, onlar sığorta haqqı ödəyirdilər. Amma onların pensiyası yenidən hesablanmırdı. İndi biz məsələ qoyduq ki, həmin pensiya yaşında olan vətəndaş əgər işləyirsə, sığorta haqqı ödəyirsə, 6 ildən sonra onun pensiyası yenidən hesablansın, çünki oraya məbləğ toplanır. Onun verdiyi vəsait burada nəzərə alınmalıdır. Beləliklə, birinci addım 6 ildən sonra atılır. Ömür imkan verəndə isə yenidən 3 il, 3 il bu məsələlərə baxılır, bu da pensiyanın artımına kömək edir.
Digər bir addım nədən ibarətdir? Burada belə bir məqam var idi, Oqtay müəllim. Əvvəllər nə idi? Pensiya haqqı ödəniləndə fonda 22 faiz işəgötürən ödəyirdi, 3 faiz vətəndaş ödəyirdi. Bu məbləğ daxil olanda Dövlət Sosial Müdafiə Fonduna vətəndaşın sığorta haqqı kimi bunun 50 faizi qoyulurdu. 50 faizi Dövlət Sosial Müdafiə Fondunun özünün hesabına götürülürdü. Bu sonradan bir sıra məqsədlərə, idarənin saxlanmasına, digər məsələlərə sərf olunurdu. Eyni zamanda, bayaq dediyimiz pensiya haqqına bəzi imtiyazlar ödənilirdi. Bu da olduqca ədalətsiz hal idi. Adamın özünün vəsaiti özü üçün əladır. Biz nə qərara gəldik? Bu rəqəm  dəyişikliklərdə 85 faiz müəyyənləşdirilmişdi. Biz bunun 90 faizə qaldırılmasını məqsədəmüvafiq hesab elədik. Belə olanda adamın sığorta fonduna ödədiyi pulun 90 faizi orada yığılacaq. Bu da, əlbəttə, pensiya alanda  mütləq öz əksini tapacaq.
Digər bir məsələ nədən ibarət idi? Bizim cavan uşaqlarımız 18 yaşında ordu sıralarına gedir. Onlar nəzərə alınmırdı. Onlara imtiyaz verilmirdi. Yəni onların gərək stajı olaydı. Bayaq dediyimiz kimi, 12 il, yəni 110 manat yığım olmalıdır. O adam isə 18 yaşında gedib ayağını itirib, əlini itirib və onun üçün bu imkanlar yoxdur. Biz hesab elədik ki, o qrup insanlara da imtiyazlar verilsin. Onlarda nə staj, nə də həmin dediyimiz məbləğ nəzərə alınmasın.
Başqa bir məsələ. Burada pensiya hüququ qazanmaq üçün vətəndaşın 144-ə bölünəndə 110 manat minimum sığorta haqqı yığılmış olmalıdır. Amma birdən görürsən ki, burada 110 yığılmır, məsələn, 109 yığılır, 107 yığılır. Belə olanda bunun pensiya hüququ olmur. Biz burada imkan yaradırıq ki, – ola bilər, vətəndaşın qohumu var, yaxını var, imkanı var, –  çox kiçik bir məbləği ödəməklə bu hüququ qazana bilsin. Bir manat, iki manat orada fərq olur və o hüququ qazana bilmir. Biz bunun da razılığını almışıq ki, bu əlavələri eləyək və vətəndaş üçün o hüququ qazanmaq imkanı  yaransın.
Bizim əsas bir təklifimiz var. Bu qanun layihəsi bizim deputat həmkarlarımıza paylananda qeyd edilmişdi ki, yanvarın 1-dən qüvvəyə minməlidir. Siz özünüz görürsünüz ki, 2 aydan çox müddət keçib, vətəndaşların böyük bir qrupu artıq pensiyasını sənədləşdirib. Bunu  təzədən geriyə şamil eləmək  çox çətin bir məsələ olacaq. Ona görə bizim deputat həmkarlarımız, – mən bizim komitədə olmayan deputatlarla da söhbət eləmişəm, Oqtay müəllim, – məqsədəmüvafiq bilirlər ki, bu qanun  iyulun 1-dən qüvvəyə minsin, yəni bu təklif nəzərə alınsın.  Əlbəttə, mən Səlim müəllimə minnətdaram ki, iclasda iştirak edir, bütün komanda da buradadır. Onlar da bu məsələyə aydınlıq gətirərlər. Mən vaxtı çox almamaq üçün yığcam şəkildə bunu belə təqdim etdim. Minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Mənim xəbərim oldu, bütün millət vəkillərinə bu rezümeni vermisiniz. Bəzən pensiya yaşı barədə məsələlər qalxırdı ki, Rusiyada elədir, bizdə belə. Bizdə 144-ə bölünür, Rusiyada  neçəyə bölünür? Deyin ki, bunlar da bilsinlər.
H.Rəcəbli. Mən bunları xırdalamaq istəmədim, Oqtay müəllim. Bütün məsələlərin cavabı var.
Sədrlik edən. Səlim müəllimi cənab Prezident dəvət elədi. Üzr istədi, icazə alıb getdi. İndi müavini İdris müəllim gələcək. Ona qədər biz müzakirələrə başlayaq. Sonra söz verərik. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qeyd eləmək istəyirəm ki, bizdə pensiya islahatları sonuncu dəfə 2009-cu ildə qəbul olunub. 2010–2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, qadınların  pensiya yaşı isə 57-dən 60-a qaldırıldı. Bu gün də təklif olunan layihədə  bərabərləşdirilmə nəzərdə tutulur.  65 yaş məsələsi, təbii ki, cəmiyyətdə çox ciddi müzakirə olunur. Bunun da səbəbləri anlaşılandır. Ona görə anlaşılandır ki, əhalinin bir qrupu yaşa görə pensiyaya çıxmağa maraqlı deyil. Onlar uzun yaş müddətinin olmasını istəyirlər. Bir qismi isə daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyir. Ona görə də bu məsələnin  ideal variantının tapılması çox mürəkkəb məsələdir, həmişə tərəfdarları və narazıları olacaqdır. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün çalışmalarında nisbətən optimal variantın tapılması üzərində düşünübdür. Əhalinin daha az gəlirli hissəsinə bu məsələdən az zərər toxunması prinsipini əsas götürübdür.
Digər tərəfdən də sığorta sisteminə uyğunlaşdırılması məsələsi var. Hər kəsin ödədiyi haqqa uyğun olaraq əvvəllər yarı-yarıya bölünürdü, müəyyən vəsait gedirdi sığorta hissəsinə, müəyyən vəsait gedirdi baza hissəsinə. İndi artıq tamamilə fərqli bir metod götürülür. Ödədiyinin haqqını pensiyada özün ala bilirsən. Bu, digər vətəndaşlar üçün ola bilsin ki, müəyyən mənada qaneedici deyil. Amma sığorta ödəyicisi rolunda çıxış edən və gələcəkdə pensiya almağı düşünən insan üçün əlverişli vasitədir. Buna ədalətlilik baxımından normal yanaşılmalıdır. Amma burada əsas problem nədən ibarətdir?
Birinci növbədə bildiyiniz kimi, biz bu rəqəmi qaldırdıqca pensiyaçıların sayı bəlkə 10 faiz, 12 faiz azalacaqdır.  2009-cu ildən bu tərəfə son 6 ildə pensiyaçıların sayı təqribən 10 faiz səviyyəsində azalıbdır. Burada əsas məsələ Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər ilə bağlıdır. Bildiyiniz kimi, dövlət büdcəsindən təqribən 75 faiz, özəl sektordan isə 25 faiz transfer etdilər. Problem məhz bundadır ki, özəl sektorun Dövlət Sosial Müdafiə Fondunda iştirakı minimum səviyyədədir. Bu 25 faiz cüzi məsələdir. Açıq deyək, bu gün neft gəlirləri azaldığına,  büdcədə Dövlət Neft Fondundan vəsaitlər az olduğuna görə dövlət bu yükü yetərincə götürə bilmir, imkanı yoxdur. Bu, obyektiv səbəbdəndir. Müəyyən iqtisadi böhran, dünyada baş verən müəyyən proseslər neftin qiymətinə təsir edir. Özəl sektor da bu yükü qarşılamağa hazır deyil. Mən qeyd edim ki, əgər müqayisə eləsək, tutaq ki, Yaponiyada, Almaniyada, başqa ölkələrdə pensiya yaşı 67-dir, yəni bizdəkindən də çoxdur. Sadəcə, orada əmək pensiyası subyekti olan şəxs işləmək imkanını itirmir. Onun məşğulluq imkanları genişdir. Bizdə məşğulluq alternativləri olmadığına görə insanlar bunu təhlükə ilə qarşılayır, yəni, əslində, yaş məsələsi deyil.
Digər tərəfdən də deyək ki,  hansısa ölkələrdə 77 yaş, 80 yaş insanların orta yaş həddidir, ölüm yaşı müəyyən olunursa, bizdə bu rəqəm 70-in altındadır. Burada bir az səhiyyə sistemi ilə bağlı problemlərimiz də var. Məcburi tibbi sığortanın olmaması ucbatından yoxsul insanlar müəyyən dərəcədə müalicə olunmaq imkanından məhrumdurlar. Xəstəxanaların qabağında növbələri görəndə başa düşürsən ki, xaricə gedə bilməyən, hansısa bir bahalı klinikada müalicə oluna bilməyən insanların, xüsusilə də pensiyaçıların böyük problemləri var. Ona görə də bunun optimal variantının tapılması vacibdir ki, biz bu insanları müəyyən dərəcədə ən azı minimum yaşayış şərtləri ilə təmin edə bilək. Özünüz fikirləşin ki, baza hissəsi 116 manat olan əmək pensiyası ilə hansısa bir xəstəliklə bağlı rentgen, yaxud da deyək ki, MRT deyilən variantdan istifadə eləmək mümkün deyil, çünki qiymətləri 140–150 manatdır. Yəni bir pensiyaçı özünün bütün pensiyası ilə özünün hansısa bir orqanını ancaq bir dəfə yoxlatdıra bilər, yaxud da bir problemini aşkara çıxarmaq üçün analiz verib nəticə əldə edə bilər. Dərmanların qiyməti də xeyli bahadır. Məncə, bunların hamısını nəzərə almaq vacibdir. Bəzən də beynəlxalq standartlarda deyilir ki, pensiya yaşından sonra haradasa bir 12 il yaşam standartı nəzərdə tutulur. Amma bir şeyi unutmamalıyıq. Xarici ölkələrdə, inkişaf eləmiş ölkələrdə yaşı 65-dən yuxarı olan əhalinin sayı ümumi əhalinin sayının haradasa 15–20 faizi qədərdir. Bizdə bu rəqəm mənim aldığım bilgilərə görə, –  bəlkə yanlış ola bilər, –  ona uyğundur. Mən bunu bir neçə mənbədən  araşdırmışam, 6 faizdir. Yəni daha çox inkişaf eləmiş ölkələrdə məhz məcburi tibbi sığortaya görə yaşayanların sayı çoxdur.
O baxımdan da bu məsələlərdə, məncə, birinci növbədə məşğulluq potensialı üzərində düşünmək lazımdır ki, bu rəqəm 25 faizi keçsin. Dövlət bu yükü götürə bilmir, ona görə də sahibkarlığın inkişafı haqqında deyəndə biz məhz bunu düşünürük ki, ayrı-ayrı sahələrdə özəl sektor inkişaf eləsə və bizim böyük vergi ödəyicilərimiz olsa, – əfsus ki, bu da yoxdur, –  Dövlət Sosial Müdafiə Fondunda belə kasadlıq olmaz. Həmin sistemin işçiləri də çalışırlar ki, vətəndaşların vəziyyətini düzəltsinlər. Ona görə də mən bu məsələ ilə bağlı Səlim müəllimin izahatlarını oxudum.  AzTv-də çıxışını da diqqətlə izlədim. Həqiqətən də, optimal bir yolun axtarışını hiss edirsən, yaxşı işlər görüldüyünü hiss edirsən. Amma bütövlükdə özəl sektorun zəif olması, elə bil, qol-qanadımızı qırır. Bunun gücləndirilməsi haqqında dərhal təcili qərarlar qəbul edib, daha real addımlar atmalıyıq. Qanunvericilik problemi yoxdur, qəbul eləyirik. Bu sahibkarlara yüksək səviyyədə imkan yaradılır. Amma reallıq başqa şey deyir. Vergi yükü başqa bir şey deyir. İnsanlar bunun altından qalxa bilmirlər. Çox vaxt gəlirlərini gizlədirlər və bir çox hallarda fonda pul keçirmək istəmirlər.
Digər tərəfdən bu yaş məsələsi. Bəzi ixtisaslaşmış sahələr var ki, mən hesab edirəm, ona baxmaq olar. Məsələn, prokurorluq orqanlarında  35 il çox böyük müddətdir. Bunu, heç olmasa, 30 il eləmək daha məqsədəuyğun olar. Digər qurumlarda da eləcə. Yən daima istintaq, təhqiqat işləri ilə məşğul olan insanların zehni yorğunluğunu fiziki işlərlə məşğul olan insanların yorğunluğu ilə eyni cür müqayisə eləmək olmaz. Ola bilsin ki, gəliri, vəsaiti, maaşı bir az ondan çox olsun. Amma bu zehni əməyin təmsilçisi olan insanların işi daha ağırdır. Bəzən hərbiçilər ilə bağlı söhbətlər gedirdi. Çox yaxşı oldu ki, Oqtay müəllim, sizlərə də təşəkkür edirik ki, bu kateqoriyadan olan insanların halını əvvəlcədən  nəzərə aldınız. Məsələn, tutaq ki, mən 15 il qabaq hərbiyə ona görə getmişəm ki, burada filan vaxtda təqaüdə çıxacağam. İnd birdən-birə mənim, – təbii ki, qanunun geriyə qüvvəsi yoxdur, – planım pozulur. Həssas strukturlarda belə  insanların planlaşdırdıqları layihələrin pozulması, məncə, yanlış olardı.
Mən sonda nəyə toxunmaq istəyirəm? 1 yanvar məsələsini Hadi müəllim də dedi. Bunun izahatı  cəmiyyətə də verilməlidir. Bir az  narahatçılıq yaradır ki, bu qanun necə olacaq, indi bu qədər vəsait alan adam artıq bu qanun qəbul olunandan sonra o pulu ala bilməyəcəkmi? Hüquqda prinsip var, qanunun geriyə qüvvəsi yoxdur. Xüsusilə də ağırlaşdırıcı hallar varsa, onun hər hansı bir şəkildə geriyə qüvvəsi olmamalıdır. Ona görə  1 yanvar məsələsini mən də dəstəkləyirəm,  iyul ayından, yaxud hansı aydan olursa-olsun, bu məntiqli və qanunauyğun olardı. Diqqətinizə görə sağ olun. Bu qanunu dəstəkləyəcəyəm.
Sədrlik edən. Çox sağ ol. Fazil müəllim, Siz dediniz, ancaq 65 yaş deyəndə biz ona birdən-birə getmirik. Mən gözləyirəm, nazir müavini gələndə yəqin deyəcək. Hər 6 aydan bir olacaq. Kişilər 2022-ci ilə kimi, qadınlar isə 2026-cı ilə kimi 65 yaşa çatacaqlar. Bu bir. Amma bir şeyi də  nəzərinizə çatdırım. Bizdə yaş həddi 70-in içindədir. Qadınların orta ömür həddi, səhv eləmirəmsə, 77,8, kişilərdə isə 75 neçədir. Elədir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bunu da dəqiqləşdirərik. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən rica edirəm, bu, hamımızın həyatını əhatə edir. Nə zaman dayandırılacaq, dayanacaqdır. 5 dəqiqə ilə ömrümüz nə qədər uzanacaq, gəlin, onu da hesablayaq.
Sədrlik edən. Ay Zahid, xahiş edirəm, camaata dərs vermə. Dedim, 10 dəqiqə danış, sonra keçək 5 dəqiqəyə. Hamıya ağıl vermək istəyirsən.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən ilk növbədə onu qeyd eləmək istəyirəm ki, əlbəttə, hər birimiz fərqindəyik, mövcud olan əmək pensiyaları ilə bağlı qanunvericilik müasir dövrün çağırışlarına, tələblərinə cavab vermir. Amma cəmi 3–4 il əvvəl bunu öymüşük, onun müsbət məqamlarını dəyərləndirmişik. Ona görə 20-ni təsdiq eləyirik, demirəm, ideal olsun, amma ona yaxın olsun ki, bir 3 ildən sonra ona qayıtmaq mümkün olmasın.
İkincisi, cənab Prezident yəqin ki, hörmətli Səlim müəllimə dəyər verir, ona etibar edir. Bu idarəçilikdə onun sözünün çəkisi var. Çox mümkündür ki, bu məsələlər bir daha ölkə rəhbərinə məruzə olunsun  fikri ilə çıxışımı yekunlaşdırmaq istəyirdim. Amma  hörmətli Oqtay müəllim bəyan elədi ki, Səlim müəllim dövlət başçısının qəbulundadır.  Ümid edirik ki, bu məsələlərə bir daha aydınlıq gətiriləcək.
Əziz dostlar, söhbət nədən gedir? Bir neçə prinsipial məqam var.  Onları aydınlaşdırmalıyıq. Birincisi ondan ibarətdir ki, əlbəttə, sığorta sisteminə bütövlükdə keçid və sığortanın üzərində pensiya sisteminin qurulması o yerdə səmərəli olur ki, əhalinin əmək qabiliyyətli hissəsinin 75 faizi işləyir. Bizdə işsizliyin faizi yuxarıdır. Bu hər birimizə bəllidir. Biz bu binanın çölündə o insanlarla dəfələrlə qarşılaşırıq. Ona görə də sığorta sisteminə əsaslanan pensiya modeli işsizliyin yüksək halında səmərəli olmaya bilər.
İkincisi, biz hər zaman deyirik ki, sistemdə əvəzləmələr olsun. Gənc nəsil gəlib yaşlı nəsli əvəzləsin. Amma görün, biz indi nə yaradırıq. Dünənə qədər mən bu qanunun müddəaları ilə həyatımı qurmuşam, 12 il işləmişəm, düşünmüşəm ki, 5 ildən sonra 45 faizimi qazanacağam, 15 ilə çatsam, 80 faizə çatacaq, imtiyaz əldə edəcəyəm. İndi biz deyirik ki, yox, artıq dəyişirik. Biri deyir ki, mən 12 ildən sonra getmək istəyirdim, artıq xeyli qazanmışdım, qanunun yeni müddəaları geriyə tətbiq olunanda onun vəziyyətini pisləşdirəcək. Pisin ən böyüyü də odur ki, gənc nəsil yaşlı nəsli əvəzləmək istəyəcək, yaşlı nəsil bəlkə də bunu istəyərdi, məmnuniyyətlə deyərdi ki, buyur, mən sənə öz yerimi verirəm, qoy estafet olsun, rotasiya olsun, gənc qüvvələr idarəçiliyə gəlsinlər. Amma  15+5+5, yəni 25 eləmək üçün onu vadar eləyirik, kreslodan daha möhkəm yapışsın, günahkar da olmasın ki,  imtiyazlı pensiyanı qazanım. Beləliklə, gəncliyin haqları bu və ya digər formada əngəllənmiş olur. Biz bundan danışırıq.
Bizim hər birimiz bu cəmiyyətin içərisindəyik, hörmətli Fazil müəllim çox haqlı olaraq qeyd elədi. Biz bilirik ki, həm parlament rəhbərliyi, həm də hörmətli Hadi müəllim bu aylar ərzində bu məsələni dəfələrlə müzakirə eləyib. Amma bizim cəmiyyətdə pensiya kultu var. Yəni hamımız 20 yaşından, 30 yaşından, 40 yaşından düşünürük ki, pensiyaya çıxacağıq. Deyə bilərsiniz ki, orta ömür dövründə aldığımız maaşlar  çox olsun ki, o başda alacaqlarımız artıq olsun. Biz bunun üzərində düşünməliyik. Yən özəl sektora və dövlət sektoruna verilən vəsaitlər o qədər  çox olmalıdır ki, o yığım hissə dediyimiz kimi, böyük olsun. Amma  əgər bu böyük olmursa, deməli, biz o dövrü yetişdirənə qədər bu addımları atmalıyıq.
Məsələnin başqa bir tərəfi də var. Yaşlı nəsillə gənclər arasında mənəvi sosial problemlər var. Bizə bəllidir, yəni ailələr o cür yaşayırlar ki, yaşlı insanlar deyirlər, biz pensiya alırıq, bu məbləğ il-ildən artır. Artıq bu qanundan sonra pensiyaya çıxanların sayı hər il azalacaq və  bu da ailələrdə öz övladı, qızı, oğlu ilə müəyyən qədər narahatçılıqlar yarada bilər. Bu problemi də görməzdən keçə bilmərik.
Əlbəttə, qanunun çox mühüm tərəfi ondan ibarətdir ki,  hərbçilərə və polislərə şamil olunmur. Biz burada bəzən deyirik ki, imtiyazlı təbəqə, əslində, onların  fəaliyyət sahəsi kifayət qədər çətin sahədir və onlar o imtiyazı həyatları ilə qazanırlar. Onların yükünü biz daşımırıq. Ancaq məsələ ondadır ki, biz gizli maaşları, gizli əmək haqlarını leqallaşdırıb,  sosial fondun ödəmələrini artırmağa yönləndirməliyik  ki, vəsait artsın. Biz  deyirik ki, dövlət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəmələr 3,5 milyard manata yaxındır. Bunun 25 faizi özəl sektordan gəlir, 75 faizi dövlət sektorundan. Amma işləyənlərin 80 faizi özəl sektordadır, 20 faizi dövlət. Siz indi təsəvvür edin ki, nə qədər disproporsional ödəmə var.
Başqa bir məsələ. Bu gün 63 yaşına çatanların  sayı 450 mindir, yəni 500 minə yaxındır. Statistikaya baxsanız, görərsiniz ki, onların 230 mini qalıb. Təbii ki, onların əksəriyyəti dünyasını dəyişməyib, bir qism ölkədən kənara gedib, dünyasını dəyişənlərin də vəsaiti ailə başçısını itirməyə görə verilir, deməli, onların vəsaiti itmir. Amma bir qisim  ödəmələr itir. Bu, dövlətin özündə qalır. Ona görə mən hesab edirəm ki, bu gün müzakirə elədiyimiz məsələlərin hamısı cəmiyyət tərəfindən həssaslıqla qarşılanır. Bu gün atdığımız addımları daha dərindən təhlil eləməliyik ki, gələcəkdə bu problemlər olmasın. 
Mən hiss eləyirəm ki, müzakirələr 5 dəqiqəlik sistemə keçib, çox sağ olun ki, mənə geniş şərait yaratdınız. Yekun olaraq bir mühüm məsələni də qeyd edim. Burada vurğulandı, Avropa ölkələrində yaşı kənara qoyaq. Orta ömür müddətini də kənara qoyaq. Gedib təzədən qəbiristanlıqda başdaşlarının üzərində rəqəmlərin statistikasını aparmayacağıq ki, görək bizdəki rəqəm 78,4-dür, ya 77,5-dir? Amma bu gün reallıq ondan ibarətdir ki, bizim qəbul elədiyimiz qanun orta ömür müddətini uzatmalıdır. Pensiya yaşında olanların ömür müddətini uzatmalıdır. Uzadırmı? Bizim hazırda qəbul etmək istədiyimiz qanun ömrü uzadırmı? Yəni “65-dən sonra 12 il yaşasın”  prinsipi.
Bu yaxınlarda Qazaxıstandan bir məlumat oxudum, doğrusu, elə bildim, qeyri-ciddidir, yumor üçün yayıblar. Deyirlər ki, politoloqlar, iqtisadçılar Nazirlər Kabinetinə müraciət ediblər ki, 80 yaşdan sonra  adamlar cərimə ödəsinlər. Doğrusu, dedim, bu gerçək deyil, xoş əhval-ruhiyyə üçündür. Amma indi adamlar uzunömürlü olsun deyə çalışırıq. Bunların sayı əmək qabiliyyətli əhalinin sırasında 6 faizdir, başqa ölkələrdə 15–20 faizdir. Ona görə də qanunun mütərəqqi müddəalarını hər birimiz qeyd edirik. Ona məmnuniyyətlə səs verəcəyik, amma bir sıra maddələr var ki,  onlara yenidən baxmaq olar. Son olaraq nə etmək olar? Birdən-birə 15–25 olmasın, nə olar? Demirsiniz ki, yaş dövrü artacaq? O əmək stajına 6 ay  da şamil olunsun. Bu halda vətəndaş qanunun sərt üzü ilə birdən-birə qarşılaşmayacaq. Ona hazırlanmış olacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Tahir Kərimli çıxış eləsin, hazırlaşsın nazir müavini İdris müəllim. Vaxtı azaltmıram, amma xahiş edirəm, mümkünsə, 5 dəqiqə. Tahir Kərimli, buyurun.
T.Kərimli. Hörmətli Sədr, hörmətli həmkarlar, hörmətli qonaqlar! Mən komitənin iclasına dəvət olunmuşdum, fikirlərimi dedim. Hadi müəllim də burada 1.0.8-ci maddə ilə bağlı rəqəmləri bildirdi. Mən digər deputatlara da təqdim olunan layihələrə baxdım, gördüm ki, hamısında 85 faiz yazılıb. Onunla bağlı istəyirəm fikirlərimi bildirim.
Hörmətli Sədr, Siz həmişə bildirirsiniz ki, nədənsə danışanda ilk növbədə mənbəni göstərin. Mən istəyirəm, burada xüsusi mühüm mənbəni göstərim, bunun üçün imkan da var. Bu nədən ibarətdir? Biz bilirik ki, sosial müdafiə sisteminin saxlanılması üçün dövlət büdcəsindən 3 milyard 400 milyon manat pul ayrılır. Bunun 3 milyard 214 milyon manatı pensiyanın ödənilməsi üçündür. Yerdə 186 milyon manat qalır və biz bilirik ki, ayrılanda bunun 15 faizi 319 milyon və 10 faiz 218 milyon manat eləyir. Mən hesab edirəm ki, məhz 90 faizə qaldırılması, yəni fərdi şəxsin hesabının sığorta  hissəsində kifayət qədər pul qalması üçün mütləq bu, 10 faizə, bəlkə də 8 faizə endirilməlidir. Nəyə görə? Əgər sistemin saxlanılmasına dövlət büdcəsindən 186 milyon manat bəs edirsə, biz nə üçün 319 milyon manat pul ayırmalıyıq və demək olar ki, 133 milyon manat pul xərclənmədən ildən-ilə keçir. Ona görə də mən təklif  və təkid edirəm ki, bu, 10 faiz olsun, çünki 218 milyon manat pul kifayətdir, üstəlik də 32 milyon manat artıq qalır. Yəni 218 milyon manat sistemin saxlanılmasına bəs elədiyinə görə 32 milyon manat artıq qalır. Üstəlik 101 milyon manat pensiyaların sığorta hissəsinə keçəcək ki, bu da pensiyaya çıxan zaman vətəndaşların pensiyasının artırılmasına ciddi təsir edəcək, yəni 101 milyon manatı heç kim inkar edə bilməz. Yarım milyon, bir milyon fərq eləyə bilər, amma bu, dəqiq rəqəmdir, bunu vətəndaşlara vermək lazımdır.
Onu da deyim ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası sosial sığorta və sosial müdafiə sistemində  Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Mənim əlimdə sənəd var, Rusiyanın Baş nazirinin müavini qeyd edir ki, Azərbaycan dünyada elektron  əmək müqaviləsi sistemini tətbiq edən yeganə dövlətdir. Beynəlxalq təşkilatlar da qeyd edirlər ki, Azərbaycan MDB və Şərqi Avropada yeganə dövlətdir ki, burada pensiyanın mərkəzləşdirilmiş ödəmə sistemi var, bu yaxşıdır. Ancaq bayaq deyildi, biz də bilirik ki, pensiyanın bölünməsi üç mərhələdən keçir. Müstəqilliyimizə qədər, yəni 1992-ci ilə qədər, 1992-ci ildən 2006-cı ilə qədər, 2006-cı ildən bəri. 2006-cı ilə qədər 90 min insan pensiyaya çıxıb ki, bunun üçün də dövlət büdcəsindən 147 milyon manat pul ayrılıb. Mən hesab edirəm ki, dövlət həmin adamların pensiyasının ödənilməsi üçün kifayət qədər vəsait ayırmalıdır.
İkinci bir məsələ. Əgər bunu avtomatlaşdırılmış sistem edirsə, bu nə deməkdir? Bu o deməkdir ki, insanlar başqa yollarla, yəni stajı artırmaqla, əlilliyə çıxmaqla, başqa yollarla pensiyalarını artırmağa çalışırlar. Təsəvvür edək ki, Azərbaycanda 1,3 milyondan çox pensiyaçı var. Əlillərimizin sayı 300 mindən yuxarı bir rəqəmdir. Onun qarşısını almaqdan ötrü bu sistemi işə salmaq lazımdır. Dediyim kimi, müəyyən məsələlər də var. Pensiyaçıların orta ömür müddəti tamamilə başqa bir şeydir. Qadın  pensiyaçıların orta ömür müddəti 78,5, kişilərinki isə 77,4 ildir. Belə çıxır ki, 60 yaşında pensiyaya çıxan qadınla 63 yaşında pensiyaya çıxan kişinin  saxlanılması üçün dövlət qadınlara  18 il yarım, kişilərə 14 ildən artıq əlavə vəsait xərcləyir. Bu vəsaitlərin toplanılması üçün məndən əvvəl çıxış edənlərin də müəyyən təklifləri oldu, amma dediyim kimi, ən mühüm məsələlərdən biri bunu təmin eləməkdən ibarətdir.
Bir şeyi xahiş eləmək istəyirəm. Biz bilirik ki, dövlətimiz  qeyri-neft sektorunun inkişafı ilə bağlı proqramlar işləyib.  Komitədə də xahiş elədim, indi də xahiş edirəm ki, elm və tədqiqat institutlarından başqa, kənd təsərrüfatı müəssisələrində işləyən alimlərimizə də elmlər doktoru və elmlər namizədi üçün nəzərdə tutulan 200 manat və 120 manat ödənilsin. Bunu mən çox xahiş edirəm. Bu, 19.2-ci maddədir. Çünki bu, kənd təsərrüfatının inkişafı üçün zəruri bir məsələdir. Hesab edirəm ki, sərbəst qalmış 101 milyon manat  vəsaiti vətəndaşların xeyrinə yönəltmək olar. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. İndi söz verilir İdris İsayevə. Xahiş edirəm,  konkret deyilən rəqəmlər var, hesabatlar var, əsas onlardan danışın. Sonra müzakirələrə davam edərik.
İ.İsayev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Azərbaycan Prezidenti cənab İlham Əliyevin çevik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dünyadakı iqtisadi və sosial kataklizmlərin təsirlərindən səmərəl qorunması təmin edilmiş, mürəkkəb, qlobal şəraitdən qaynaqlanan çoxşaxəli riskli amillərə baxmayaraq, dünya iqtisadiyyatına sırf inteqrasiya olunmuş respublikamızda nəinki əsas iqtisadi vəzifələr və sosial proqramlar uğurla icra edilmiş, hətta yeni sosialyönümlü təşəbbüslərin reallaşmasına start verilmişdir.
Ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən pensiya sistemi ötən 11 il ərzində kifayət qədər uğur əldə etmişdir. Bu müddət ərzində dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə isə 11 olmaqla cəmi 20 sərəncam imzalanmışdır ki, bunların da nəticəsində əmək pensiyası üzrə xərclər 5,9 dəfə, əmək pensiyasının baza hissəsi 4,4 dəfə, əmək pensiyasının orta aylıq məbləği 6,4 dəfə artmış, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirmə göstəricisi 116 faiz təşkil etmiş, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqına nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 43 faizə yüksəlmişdir. Hazırda əmək pensiyaçılarının sayı 1 milyon 316 min  nəfər olmaqla ölkə əhalisinin təxminən 13,4 faizini təşkil edir.
Pensiya sisteminin təkmilləşdirilməsi daim davam edən bir proses olmaqla hər zaman qarşısına 4 əsas vəzifə qoymuşdur. Birinci, sistemin əhatə etdiyi əhali qruplarının etibarlı sosial müdafiəsinin təmin olunması, ikinci, sistemin uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi, növbəti sistemdə pensiya təminatı zamanı ədalətlilik prinsipinin gözlənilməsi və sistemin gəlir xərcləri arasında davamlı tarazlığa nail olunması. Bu vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan problemlər də, bilirsiniz, zaman-zaman dəyişir. Hazırda qarşıda bu problemlər  vardır. Qlobal iqtisadi böhranın davam etməsi, demoqrafik yaşlanma prosesi, bunların pensiya sistemi üçün yaratdığı fəsadlar, yəni gəlirlərin düşməsi, demoqrafik yükün azalması və sair. Qeyd etdiyim bu cəhətlər Azərbaycanın da pensiya sistemində islahatların aparılmasını zəruri edirdi. Bunu nəzərə alaraq 2012-ci ilin 29 noyabrında Azərbaycan Prezidenti Pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanması haqqında sərəncam verdi və 2014-cü il noyabrın 4-də bu konsepsiyanı təsdiq etdi.  Həmin konsepsiya üzrə pensiya sistemində sosial sığorta ilə əlaqəli olmayan öhdəliklər aradan qaldırılmalı, pensiya hüquqları yalnız adekvat sığorta təminatı əsasında formalaşmalı, sistemin maliyyə yükü buna uyğun optimallaşdırılmalı idi. Məhz bu əsas tezislər nəzərə alınmaqla təqribən iki ilə yaxın müddət ərzində müxtəlif dövlət orqanları və sosial tərəfdaşlarla birlikdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliklərin hazırlanması üzərində iş aparıldı.
Həmin dəyişiklikləri özündə ehtiva edən qanun layihəsində 98 maddə yer alır ki, bunlar üzrə dəyişiklikləri texniki baxımdan aşağıdakı kimi qruplaşdırmaq olar. 3 maddə qanuna yeni müddəaların əlavə edilməsini nəzərdə tutur. 75 maddə mövcud maddələrə əlavə və dəyişikliklərin edilməsini, 20 maddə isə mövcud qanunvericilikdə  bəzi müddəaların ləğvini nəzərdə tutur. Fikrimcə, konseptual olaraq dəyişiklikləri onların məğzi baxımından belə qruplaşdırmaq olar. Pensiya hüququnun yaranmasının şərtlərini dəyişən müddəalar. “12 illik staj məhdudiyyətinin qaldırılması və onun hər kəsin fərdi hesabına toplanmış sığorta kapitalının gözlənilən pensiya ödənişi aylarının sayına bölünməsindən alınan məbləğlə əvəzlənməsi”. Bu məqsədlə qanuna “minimum  pensiya” anlayışı əlavə edilmişdir. Fərdi hesablardakı kapitalın 144-ə bölünməsindən alınan məbləğ minimum pensiya məbləğinə bərabər və ondan yuxarı olduqda  şəxs stajından asılı olmayaraq pensiya təyinatı hüququ qazanır.  Sosial sığorta stajının pensiya hüququ yaratma baxımından stimullaşdırıcı olmaması, yəni 25 il sosial sığorta stajı olan şəxs sığorta kapitalı məbləğindən asılı olmayaraq ən azından minimum məbləğdə pensiya almaq hüququ qazanır. İkinci, pensiya məbləğinin formalaşdırılmasına təsir edən müddəalar var.
Hazırda mövcud olan əmək pensiyalarının baza hissəsinin elektrolizasiya edilməsi nəzərdə tutulur. Yəni pensiyaların sığorta hissəsinə birləşdirilərək, bütün pensiya məbləği fərdi hesablarda toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilir. Bunun üçün ödənilən sosial haqların fərd şəxsi hesablara yönəldilən hissəsi mövcud 50 faizdən, yəni bilirsiniz ki, onun 25 faizi sosial sığorta haqqının, 12–15 faizi pensiyanın baza hissəsinin maliyyələşdirilməsinə yönəldilirdi. İndi bu 50 faiz 85 faizə qaldırılır. Bu dəyişikliklərə görə ayrı-ayrı şəxslərin fərdi şəxsi hesablarında toplanmış və hələ pensiya təyinatından istifadə olunmamış şərti kapital məbləğləri eyni qaydada yenidən hesablanacaq. İllik indeksləşdirmə artıq bütün pensiya məbləğinə şamil olunacaq. Əvvəl bilirsiniz ki, bu yalnız pensiyanın sığorta hissəsinə və fərdi şəxsi hesablarda yığılan sığorta kapitalına aid edilirdi. İndi bu, bütün pensiya məbləğinə şamil ediləcək. İstehlak qiyməti indeksinə görə əmək  haqqının illik artımının tempi əsasında aparılacaq. Yəni əvvəl sığorta hissəsinə istehlak qiyməti əsasında indeksləşdirilirdisə, yeni layihədə əmək haqqının illik artımı tempində aparılması nəzərdə tutulur. Pensiyaların maliyyələşdirilməsi mənbələrinin dəqiqləşdirilməsini nəzərdə tutan müddəalar. Bilirsiniz ki, pensiya xərclərinin dövlət öhdəliklərinin  formalaşdırılan hissəsi mövcuddur. Yəni əmək haqlarının 1992-ci ildən əvvəlki dövrlərə aid məbləğləri və mövcud qanunun 19 və 20-ci maddələri əsasında  pensiyalara edilən əlavələrə dövlət büdcəsindən ayrılan vəsaitlər nəzərdə tutulur. Digər bütün pensiya məbləğləri isə məcburi dövlət sığortası vəsaitləri hesabına maliyyələşdiriləcək. Bu islahat nəticəsində sistemin qeyri-sığorta xarakterli ödəmələrlə bağlı mövcud maliyyə yükünün aradan qaldırılması, eyni zamanda, müəyyən məbləğdə  profisit yaratmaqla öhdəliklər üçün ehtiyatların formalaşmasına şərait yaradacaq. Hesablamalara görə 2017-ci ilin dövlət öhdəlikləri üzrə məbləğ 1 milyard 417 milyon manatdır. Lakin fondun büdcəsinə  hazırda təxminən 1 milyard 270 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Öhdəliklər ayrılan vəsaitdən kifayət qədər böyükdür.
Pensiyaçıların hüquqlarının formalaşmasına təsir edən müddəalar. Pensiya qanununda əlillərə yeni qaydaların tətbiqi müəyyən edilmişdir. Dəyişikliyə görə mövcud tələblərə cavab verən birinci qrup əlilliyi olan şəxslərin yetərli pensiya kapitalı olmadıqda belə onlara minimum məbləğdə pensiya müəyyən ediləcəkdir.  Amma ikinci, üçüncü qrup əlilliyi olan şəxslərə bu qayda tətbiq olunmayacaqdır və pensiyanın məbləğ onların fərdi şəxsi hesablarında toplanan məbləğin 144-ə bölünməsi ilə müəyyən ediləcəkdir. Şübhəsiz ki, bu da  əlilliyi olan şəxsləri əmək fəaliyyətinə və öz pensiya kapitalını formalaşdırmasında fəal iştiraka stimullaşdıracaqdır.
20-ci maddə üzrə dəyişikliklər isə aşağıdakı kimidir. Qulluq stajına görə əlavənin verilməsinə hüquq yaradan şərtlər üzrə hərbi qulluqçular istisna olmaqla bütün kateqoriyalarda yalnız birinci qrup əlillik saxlanılır, ikinci, üçüncü qrup əlillər isə bu şərtlərdən çıxarılır. Hakimlərdən, prokuror işçilərindən, dövlət qulluqçularından, ədliyyə işçilərindən, miqrasiya və fövqəladə hallar orqanları işçilərindən isə yeni qayda ilə qulluq stajina görə əlavə almaq hüququnun yaranması üçün minimal 15 il qulluq staji tələb olunur. Bilirsiniz, əvvəl bu, 5 il idi. İndi bunun üçün əmək haqqının 50 faizi, hər növbəti il üçün isə 3 faiz miqdarında pensiya təyin olunur. Lakin bu məbləğ maksimal olaraq 80 faiz miqdarı ilə məhdudlaşdırılır. Millət vəkillərinin, ombudsmanın, Hesablama Palatasının üzvlərinin, Mərkəzi Seçki Komissiyası üzvlərinin qulluq stajına görə əlavəni almaq hüququnu əldə etməsi üçün bu şəxslərdən səlahiyyət müddətinin azı yarısı qədər sığorta stajı tələb ediləcəkdir. Bəzi hərbi xidmətlər istisna olmaqla, hərbi qulluqçulara pensiya məbləğinin tələb olunan minimal hərbi xidmət dövründə əlavə stajın hər ili üçün təminat xərclərinin 3 faizi əvəzinə 2 faizi miqdarında hesablanması nəzərdə tutulur. Hərbi qulluqçuların ailə üzvlərinə pensiya məbləği təminat xərcinin 80 faizindən az olmayaraq bu məbləğə çatdırılaraq ödəniləcəkdir. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin ailə üzvləri üçün ailə başçısını itirməyə görə pensiya məbləğinin ailə başçısının aldığı və yaxud ala biləcəyi pensiyanın 80 faizi miqdarında hesablanması ümumi qayda ilə millət vəkillərinə, Hesablama Palatasının üzvlərinə də münasibətdə tətbiq olunacaqdır.
Beynəlxalq təcrübədə pensiya sistemlərinin uzun-müddətli maliyyə dayanıqlığını təmin edən inkişaf perspektivlərinin düzgün müəyyənləşdirilməsi baxımından demoqrafik bloka aid göstəricilər, bilirsiniz ki, mühüm rol oynayır. Hazırda əksər ölkələrdə sosial-iqtisadi sistemin bütün həlqələrinin demoqrafik yaşlanma ənənəsinə uyğunlaşdırılması məqsədi ilə kompleks tədbirlər, o cümlədən pensiya sisteminin sığorta təminatının gücləndirilməsi məqsədi ilə pensiya yaşının artırılması tədbirləri görülür. Burada millət vəkilləri bu barədə xeyli danışdılar. Bu əsasda Belarusda, Ukraynada, Qazaxıstanda, Rusiyada, Latviyada, Litvada, Estoniyada, habelə Belçikada, Böyük Britaniyada, Almaniyada, Macarıstanda, İtaliyada, Rumıniyada, Polşada, Hollandiyada və digər ölkələrdə pensiya yaşının artırılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Hazırda ölkəmizdə bir pensiyaçıya 2,56 nəfər sığorta olunan və yaxud hər 100 nəfər sığorta olunana 39 pensiyaçı düşür. Lakin sığorta olunanların yalnız 1,5 milyon nəfəri muzdla işləyənlərdir və onlar üzrə ödənilən sığorta haqlarının məbləği 2016-cı ildə fonda daxil olmuş bütün sığorta haqları məbləğinin 97,2 faizini təşkil etmişdir. Bu əsasda pensiya sisteminin real demoqrafik yükü 100 pensiyaçıya 115 muzdla işləyən və ya hər 100 muzdla işləyənə 87 pensiyaçı səviyyəsindədir.
Digər tərəfdən, ölkəmizdəki dayanıqlı inkişaf səhiyyənin əsaslı tərəqqisi olan ömür uzunluğu göstəricilərinə də öz müsbət təsirini göstərmişdir. 1990–2015-ci illərdə bütün əhali üzrə doğulandan ömür uzunluğu 71,1 ildən 75,2 ilə, o cümlədən kişilər üzrə 67 ildən 72,7 ilə, qadınlar üzrə 74,8 ildən 77,6 ilə qədər artırılmışdır. Pensiya sisteminin fəaliyyətinin adekvat qiymətləndirilməsi və proqnozlaşdırılmasında pensiyanın maliyyə yükünə bilavasitə təsir edən pensiyaçıların pensiya sistemində olma müddətini xarakterizə edən demoqrafik parametrləri nəzərə almaq vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında olan göstəricilərə əsasən 2016-cı ildə Azərbaycanda yaşa görə pensiyaçılar arasında pensiyada olma müddəti orta hesabla qadınlar üçün 18,5 il, kişilər üçün isə 14,4 il olmuşdur. Yəni kişilər pensiyaya çıxdıqdan sonra təxminən 14,4 il yaşamışlar, qadınlar isə pensiya yaşını əldə etdikdən sonra 18,5 il pensiya almaqda davam etmişlər.
Güzəştli şərtlərlə erkən yaşda pensiyaya çıxanlar üzrə isə bu müddət daha yuxarıdır. Fərdi hesabdakı şərti pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının hesablanması düsturunda nəzərdə tutulan gözlənilən ödəniş müddəti 2006-cı ildə 12 il, yəni 144 ay qəbul edilmiş və 11 il ərzində dəyişdirilməmişdir. Halbuki eyni prinsiplə pensiya təyin edən digər ölkələrdə bu göstərici hər il və ya 5 ildən bir dəyişdirilir. Məsələn, qonşu Rusiyada 2002-ci ildə bu göstərici 144 ay götürülmüşdüsə, 2015-ci ildə artıq bu göstərici 228-ə bərabər olmuşdur. Yaxud Latviyada hər il bu göstərici dəyişdirilir. Pensiyanın fərdi şəxsi hesablarda toplanan məbləğinə bölünən göstərici, yəni bölünən ayların sayı ömür uzunluğu göstəricisinin dəyişməsindən asılı olaraq artırılır. Latviyada bu göstərici bayaq qeyd etdiyim kimi, hər il dəyişdirilir və 2017-ci ildə artıq 219,2-dir. Qeyd edim ki, Azərbaycanda bu göstərici 144-dür.
Göründüyü kimi, Azərbaycanda pensiyaçıların orta hesabla faktiki pensiyada olma müddəti 2006-cı ildə qəbul olunmuş göstəricini qadınlar üzrə təxminən 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu, hazırda pensiyanın daha uzun müddət ərzində ödənilməsinə və sistemin real maliyyə yükünün xeyli miqdarda yuxarı olmasına dəlalət edir. Belə bir şəraitdə pensiya sisteminin öz öhdəliklərini maliyyələşdirmə prinsipinə keçməsi nəzərə alınmaqla ya 144 rəqəmi 60 ay artırılaraq 204 aya qaldırılmalı,  ya da pensiya yaşı tədricən 60 ay qaldırılaraq 65-ə çatdırılmalıdır. Yəni bizim əlimizdə iki variant var, ya bölünəcək ayların sayını artırmalıyıq və yaxud da pensiya yaşını artırmalıyıq. Apardığımız araşdırmalar göstərir ki, 11 il ərzində sığortalananların təqribən 30 faizinin əmək haqqı məbləği minimum əmək haqqı və ona yaxın rəqəmlə ifadə olunduğundan onların fərdi şəxsi hesablarında toplanan məbləğlər çox aşağıdır və bu məbləğlər əgər 204-ə bölünərsə, bu, minimum pensiya məbləğindən də aşağı alınacaqdır. Yəni 110 manat altında olacaqdır ki, bu da onlara pensiya hüququnu əldə etmək imkanını verməyəcəkdir. Deməli, onlar hələ uzun illər çalışmaqda davam etməlidirlər, sosial sığorta haqqı ödəməlidirlər və minimum məbləğə çata biləcək qədər sığorta kapitalı toplamalıdırlar.
Məlumat üçün bildirim ki, bölmə rəqəmi 144 olduqda fərdi hesabda 15,840 manatdan çox kapitalı olanlarla həmin rəqəm 204 olduqda fərdi hesabda 22,440 manatdan çox olanlar eyni prinsiplə pensiya hüququnu qazana bilərlər. Göründüyü kimi, birinci halda 2006-cı ilə qədər 15 il staji olanların sonrakı dövrdə 280 manatlıq orta maaşı onlara bu haqqı əldə etmək imkanı verirdisə, ikinci halda 400 manatlıq orta maaş alanlar bu hüququ əldə edə biləcəklər. Bütün bunlar nəzərə alınaraq ikinci yol, yəni pensiya yaşının tədricən 65-ə qaldırılması barədə təklif daha məqbul hesab olunmuşdur. Təbii ki, pensiya sisteminin qeyd edilən demoqrafik ənənələrə uyğunlaşdırılması vacibdir. Bu əsasda dəyişikliklərə uyğun olaraq pensiya yaşının hər il 6 ay artırılaraq kişilər üzrə 4 il ərzində mövcud 63 yaşdan 65 yaşa, qadınlar üzrə isə 10 il ərzində mövcud 60 yaşdan 65 yaşa çatdırılması nəzərdə tutulur. Pensiyada olma müddəti demoqrafik yaşlanma ənənəsi səbəbindən daim artmaqda davam etsə də, bu islahat tədbiri pensiya yaşının yalnız 2016-cı ilədək pensiyada olma müddətinin uyğunlaşdırılmasını nəzərdə tutur. Reallaşdırılmamış hüquqlar üzrə ödəmələrin məhdudlaşdırılmasını nəzərdə tutan müddəalar da layihədə nəzərə alınmışdır. Dəyişikliklərə əsasən reallaşdırılmamış pensiya hüququ ilə bağlı gec edilən müraciət zamanı əvvəlki dövrlərin əhatə edilməsi ilə bağlı məhdudiyyət tətbiq olunur və pensiyaların müraciət edilən tarixdən əvvəlki ən çox 3 il üçün ödənilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, analoji müddəalar bizim “Sosial müavinətlər haqqında” Qanunda, eyni zamanda, Vergi Məcəlləsində də nəzərdə tutulmuşdur. Digər qanunvericilik aktları da mövcuddur. Habelə pensiyaların baza hissəsinin ləğvi və pensiya məbləğinin yalnız fərdi şəxsi hesablardakı vəsaitin 144-ə bölünməsi yolu ilə hesablanması,  pensiyaya gec çıxdıqda 144-ün gecikdirilmiş ayların sayı qədər azaldılması insanların öz fərdi hesablarına toplanmış vəsaitdən tam istifadə etməsinə imkan yaradır. Bu islahat tədbirinin əsas məqsədi sığorta olunanların pensiya təyinatı üçün gec müraciət etmə hallarını azaltmaq, habelə pensiya sisteminin konkret maliyyə üçün büdcədə nəzərdə tutulmamış əlavə xərc öhdəliklərinin qarşısını almaqdır.
Dəyişikliklərin əhatə dairəsində nəzərdə tutulan müddəalar bundan ibarətdir ki, bu dəyişikliklər yalnız bundan sonra pensiyaya çıxacaq şəxslərə münasibətdə tətbiq ediləcəkdir, yəni yeni pensiyaçılara aid ediləcəkdir. Əvvəlki pensiyaçılara və mövcud pensiyaçılara bu şamil edilməyəcəkdir. Pensiya qanunvericiliyində nəzərdə tutulan bu dəyişiklik nəticəsində yeni pensiya təyinatı şərtləri ədalətlilik prinsipini gücləndirərək sosial sığorta haqlarının ödənilməsini xeyli stimullaşdırmaqla pensiya təyinatı sisteminin cəlbediciliyini artıracaqdır. İşə götürənlə işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına töhfə verəcəkdir. Sığorta prinsiplərinə uyğun olmayan ödəmələr dövlət öhdəliyi kimi fərqləndiriləcək və bununla da sistemin öhdəlikləri adekvat sığorta təminatı əsasında formalaşacaqdır, habelə əhəmiyyətli ehtiyatlar yaradacaqdır.
Bilirsiniz ki, digər ölkələrdə pensiya sisteminin vəsaitləri böyük investisiya vəsaitləri sayılır, yəni uzunmüddətli pullar sayılır və biz də çalışırıq ki, bizim pensiya sistemimiz də bu baxımdan iqtisadiyyatda öz çıxış imkanlarını əldə etsin. Nəticədə pensiya təminatında uzunmüddətli maliyyə dayanıqlığı, vətəndaşların etibarlı sosial müdafiəsi kimi strateji vəzifələrin həlli təmin ediləcəkdir. Bütün bunları nəzərə alaraq hörmətli millət vəkilləri, təqdim edilmiş qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, İdris müəllim, təşəkkür edirəm. Kifayət qədər geniş məlumat verdiniz, aydınlıq gətirdiniz. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Azərbaycanda yaranmış çətinliklərdən az işçi ilə sürətlə çıxıb inkişaf trayektoriyasına çatmaqdan ötrü magistral yol islahatlardır. Bu, cəmiyyət həyatının bütün sahələrində, xüsusən iqtisadiyyatda, o cümlədən pensiya sektorunda da islahatların aparılmasını zəruri edir. Bu nöqteyi-nəzərdən təklif olunan islahatlar paketini mən müsbət qiymətləndirirəm. Orada beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan reallığına uğurla tətbiq olunan məqamları xüsusi qeyd etmək istəyirəm. Mən həmişə demişəm ki, pensiya sisteminin liberallaşması pensiya sisteminin səmərəliliyinin artırılmasının açarıdır. Bu nöqteyi-nəzərdən kiminsə vəsaiti yetərincə olursa,  onu incidilmədən alırsa, pensiyaya çıxılması, hesab edirəm ki, çox vacibdir.
İkincisi isə indeksləşdirmə çox ədalətsiz idi, deyilirdi ki, guya pensiya, ümumiyyətlə, indeksləşdirilir, amma onun bir hissəsi indeksləşdirilirdi. İndi indeksləşdirmənin bütövlükdə həyata keçirilməsi, hesab edirəm, vacibdir. Eyni zamanda, Hadi müəllimin qaldırdığı o təkliflər ki əlavələr, yeniliklər olub, onları da müsbət qiymətləndirirəm. İdris müəllimin çıxışı fikirləşmək üçün kifayət qədər zəngin bir məlumat verdi, onu da müsbət qiymətləndirirəm. Ümumiyyətlə,  pensiya 1,3 milyon əhalinin həyatı və taleyi ilə bağlı olduğuna görə hansısa zamanlarda nəzərə alınması vacib olan bir sıra məqamları qeyd etmək istəyirəm.
Birinci, qeyd etmək istəyirəm ki, ind təklif olunan pensiya islahatında fiskal məsələ, yəni büdcəyə nə qədər xeyir dəyəcək məsələsi makroiqtisadi göstəricilərdən, bunun sistem məsələsi olmasından irəli gəlib və gələcəkdə bu, müəyyən problemlər yarada bilər.
İkinci, burada müəyyən qüsur ondan ibarətdir ki, təqdim olunan sənəddə pensiyanın əsas problemini yaşda görürlər, yəni hökumət yaşda görür. Amma mən hesab edirəm ki, Azərbaycanda pensiyanın əsas problemi yaşda deyil, əmək haqqı sistemimizdədir, əmək münasibətlərinin xeyli hissəsinin kölgəli olmasındadır, bir də pensiya vəsaitlərindən investisiya kimi səmərəli istifadə edib onun üzərinə gəlməməkdədir. Məsələn, əgər tikintidə əmək haqqı fondunu təhlil etsək, görərik ki, orada simvolik xarakter daşıyır. Ticarətdə də elə götürmək olar. Həmin gizləmələr hesabına büdcəyə ödəmələr də azalır, eyni zamanda, pensiya fonduna da ödəmələr azalır. Bax bu nöqteyi-nəzərdən məsələyə yanaşanda mütləq nəzərə almaq lazımdır.
Sonra, burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin olmasından istifadə edərək həmin konsepsiyaya müraciət edirəm. Konsepsiyada qeyd olunub ki, demoqrafik trendi nəzərə almaqla 2018-ci ildə pensiya yaşına baxılması məsələsi qoyulmayıb. Bəs trend necədir? İndi trendi müəyyən dərəcədə araşdıraq. Trend ondan ibarətdir ki, Azərbaycan dünyanın 183 ölkəsi arasında ömür uzunluğuna görə 96-cı yerdə durur. Qadınların pensiyaya çıxandan sonra yaşamasına görə isə 96-cı yox, 98-ci yerdəyik. Bizdən qabaqda olan 95 ölkənin əksəriyyətində  ömür uzunluğu 75–80 və 80-dən yuxarıdadır, amma bizdə orta hesabla haradasa 72 ətrafında olan bir rəqəmdir, qadınlarda bir az da çoxdur. Ona görə də ömür uzunluğunun uzadılmasını əsas gətirməklə pensiya yaşının artırılması məqamında müəyyən ziddiyyətlər var, özü də əgər rəsmi statistikadan çıxış etsək, görəcəyik ki, Ziyafət müəllim, 2009-cu ildən indiyə qədər rəsmi statistikaya görə ömür uzunluğu kişilər üçün 2 yaş, qadınlar üçün 1,5 yaş artıb. Amma bu, o pensiyaya çıxanlara aid deyil, bu, uşaq ölümünün azaldılması, bəzi-bəzi göstəricilərin yaxşılaşması ilə əlaqədardır. 2009-cu ildə Azərbaycanda yaşı 70-dən yuxarı olanların sayı 2016-cı il ilə müqayisədə 9 faiz azalıb, yəni pensiyaçıların arasında ölüm var, yaxud da götürək ki, hər il Azərbaycanda 55–57 min insan rəhmətə gedir. Həmin 55–57 min insanın 2,5-i uşaq ölümüdür, haradasa 3 minə qədəri avtoqəzalarda və sairdə ölür, yerdə qalanın 50 minə qədəri ya pensiya yaşına çatana qədərdir, ya da pensiya yaşında olan insanlardır. Bir hissəsi də artıq pensiya yaşından çox, yəni 12 ildən çox yaşayanlardır.
Bax, bu trendləri götürəndə məlum olur ki, konsepsiyada düz yazılıb. Burada görürsünüz ki, qaldırmaq məsələsi qoyulmayıb,  demoqrafik trendə uyğunlaşdırılması qoyulub. Bizdə ümumi əhalinin 13 faizi, Rusiyada isə əhalinin 30 faizi pensiya yaşındadır. Belarusda 27 faizi pensiyaçıdır, orada da pensiyaçıların yaşı haradasa 55–60 yaş arasındadır. Bu da fikirləşmək üçün məlumat verən bir məsələdir. Ona görə mən hesab edirəm, yaxşı ki, bunu 8 martda qəbul etmədik. Çünki qadınların bir hissəsinə yaxşı mənada, o biri hissəsinə isə mənfi mənada sürpriz olardı. Çünki hamı elə işdə işləmir ki, pensiya yaşının artmasını istəsin. Xeyli dərəcədə ağır işdə işləyən xanımlar da var. Ona görə də bu, qanunvericilikdə nəzərdə tutulmayıb, kişilərin pensiya yaşını 65-ə çatdırmaq barədə mən heç nə demirəm, amma qadınların yaşının 62–63 götürülməsini bu gün Azərbaycan  reallıqları üçün daha optimal bir variant hesab edirəm. Nəzərə çarpsa, optimal variant kimi götürülməsi çox vacibdir.
İki məqamı qeyd etmək istəyirəm. Burada bölmə məsələsi çox gözəl deyildi. Artıq dilemma qarşısında qalanda ya 204-ə bölmək lazımdır, ya da pensiya yaşını artırmaq lazımdır. Amma hörmətli millət vəkilləri, sadə vətəndaşı rəqəmi 144-ə, 204-ə, yoxsa Rusiyadakı kimi 234-ə bölmək maraqlandırmır. Onu maraqlandırır ki, bu islahatlar onun pensiyasına necə təsir göstərəcək. Mənfi təsir göstərəcək, yoxsa müsbət təsir göstərəcək. Hesab edirəm ki, keçid dövründə dövlət bütövlükdə pensiya fondunu dəstəkləməkdən çəkinsə, bu zaman çox ağır bir dövr başlayacaq.
Sadə bir misal. Xüsusən rayon yerlərində fəhlələrin xeyli bir hissəsi pensiya hesabına yaşayır. Bu artım olanda həmin o pensiya hesabına yaşayan ailələrin vəziyyəti necə olacaq? Deyərsiniz ki, ünvanlı sosial yardım ala bilərlər. Amma ünvanlı sosial yardımda da hansısa problemlər var və sair. Bax o təbəqənin, hesab edirəm ki, nəzərə alınması xeyli dərəcədə vacibdir.
Sonda bir məqamı da qeyd etmək istəyirəm, çünki bu  mənə çox təsir etmişdi. 7 il bundan qabaq Milli Məclisin Sədri hörmətli cənab Oqtay Əsədov pensiya haqqında müzakirələr gedən zaman çox obyektiv bir mövqe tutdu və qeyd etdi ki, yaranan diskussiyaların, fikir ayrılıqlarının  səbəbi ondan ibarətdir ki, sosial xarakterli sənədlər ictimai müzakirəyə verilmir,  əgər ictimai müzakirəyə verilsə, onun süzgəcindən keçsə, məsələlərə xeyli dərəcədə aydınlıq gələr. O, Milli Məclisə  gələndə də həmin problemlər var idi. Amma çox təəssüflər olsun ki, parlament Sədrinin çox obyektiv formada qaldırdığı həmin məsələ sosial müzakirələrdən keçəndən sonra Milli Məclisə gəlməsi məsələsi olmadığına görə, – mən Milli Məclisin işçisi olduğuma görə deyirəm, –  elə alındı ki, bunun o mənfi tərəflərinin narazılığının zərbəsi Sosial siyasət komitəsi sədrinin timsalında Milli Məclisə dəydi. Mən buranın işçisi olduğuma görə, tam səmimi deyirəm ki, bu təsir göstərdi, amma  parlament Sədrinin dediyi variantdan istifadə olunmaqla sosial müzakirədən keçəndən sonra gəlsə idi, xeyli dərəcədə aydınlaşdırılası,  mümkün olası şeylər var idi. Məsələn, bundan sonra pensiya fondu pensiyaçının pulu hesabına saxlanılacaq. Bunu vətəndaşdan, pensiyaçıdan soruşmaq lazım deyil ki, razısan, ya yox? Deməli, müzakirə olunmalıdır. İctimai müzakirəyə getməlidir. Bax, xeyli dərəcədə məsələlər var, bundan ehtiyatlanmaq lazım deyil. Azərbaycan vətəndaşının intellekti kifayət qədər yüksəkdir və izah edəndə çox şeyləri başa düşür. Ona görə fikrimi yekunlaşdırarkən bir daha demək istəyirəm ki, qadınların pensiya yaşı 62-yə çatdırılmalıdır. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri,  mən çalışacağam ki, təkrarçılığa yol verməyim. Amma mən də hesab edirəm ki, dövrün vacib çağırışlarından biri, təbii ki, keyfiyyətli islahatlardır və eyni zamanda, sosial yükü azaltmaqdan ötrü sosial müdafiəyə ehtiyacı olan  təbəqələrin sosial müdafiəsinin də qeydinə qalmaq lazımdır. Təqdim olunan qanun layihəsində, təbii ki, mütərəqq amillər də vardır. Amma bu dəyişikliklərin birində pensiya yaşının kişilər üçün tədricən 63 yaşından, qadınlar üçün isə 60 yaşından 65 yaşa çatdırılması nəzərdə tutulur. Bir çox adamlar yaşın artırılmasının tərəfdarıdırlar. Amma bu insanların əksəriyyəti sağlamlıq durumuna və yaxud da yüksək səviyyədə iş qabiliyyətli olmasına görə deyil, daha çox  məcburiyyətdən, maddi durumlarına  görə çalışırlar ki, işləsinlər. Çünki 300–400 manat civarında maaş alanlar pensiyaya çıxanda 130–160 manat pensiya alırlar. Ona görə işləmək istəyirlər. Amma bizdə bəzi inkişaf etmiş ölkələrlə müqayisə aparılır və bayaq bəzi deputat yoldaşlar da bu yaş məsələsinə toxundular.
Bəzi ölkələrdə təbii artımın aşağı səviyyədə olması, əhalinin azalması fonunda yaşlıların çox olması və doğumun az olması məsələləri var. Belə vəziyyət iqtisadiyyatın, təbii ki, inkişaf perspektivləri üçün cidd təhlükə yaradır. Həmin ölkələrdə əmək qabiliyyətli yaşlı insanların sayının azalması şəraitində bu ziyanı aradan qaldırmaq üçün pensiya yaşının artırılması nəzərdə tutulub. Bizdə isə məsələ fərqlidir. Biz öz iqtisadi, sosial, demoqrafik vəziyyətimizdən çıxış etməliyik. Burada Azərbaycan əhalisinin təbii artımı nəzərə alınmalıdır, bu, 1,3 faizdir, əmək qabiliyyətl əhali artıq pensiya alanların sayının cəmi 13 faizini təşkil edir.  Azərbaycanda orta əmək haqqı digər ölkələrdəki kimi 1500 dollar civarında deyilsə, yəni aşağıdırsa, onda biz  özümüzə uyğun olanını nəzərə almalıyıq. Bizdə demoqrafik trend fərqlidir. Orta pensiya   cəmi 110 dollar civarındadır. Pensiyaçını daha çox onun aldığı pensiya maraqlandırır və bu dəyişikliklərdə paralel olaraq onu da nəzərə almaq lazımdır ki, islahatlar pensiyaçıların aldıqları pensiyanın məbləğinin həm qorunub saxlanılması, həm də artırılması ilə müşayiət olunsun. Bu tədbirlər görülməsə, indi qəbul olunan qərara, təbii ki, kölgə düşər.  Pensiya islahatının həyata keçirilməsindən ötrü iqtisadi, sosial, demoqrafik  şərtlərin uyğun olmamasına görə, mən də hesab edirəm ki, xüsusən qadınlarla bağlı 65 yaşa çatdırılması doğru deyil.
Məndən əvvəl də millət vəkilləri bu məsələyə toxundular.  Qısa olaraq deyim ki, 13-cü maddədə və 12.1-ci maddədə nəzərdə tutulan dəyişikliklər II və III qrup əlillərin böyük əksəriyyətinin pensiyalarının azaldılmasına gətirib çıxaracaqdır və yaxud da onlar pensiyadan məhrum olacaqlar. Bu da nəzərə alınmalıdır.  7-ci və  18-ci maddələrdə  olan dəyişikliklər də, məncə, ailə başçısını itirməyə görə pensiya alanların  vəsaitinin müəyyən qədər azalmasına gətirib çıxaracaqdır.
Ümumiyyətlə, belə bir fikir var ki, hazırkı  pensiya islahatları büdcə vəsaitinə qənaət etmək üçün həyata keçirilir. Əgər belədirsə, onda pensiya yaşı qaldırılanda pensiya fondu vəsaitinə və büdcədən həmin fonda trasferlərə nə qədər qənaət ediləcəyinə də aydınlıq gətirilməlidir. Bütün hallarda pensiyaya çıxanların  sayı artdıqca, nəzərə çarpan qənaətlər də mümkün olmayacaqdır. Müəyyən istiqamətlərdə  mexanizmlər  sahmana düşənə qədər dövlət dəstəyi verilməlidir ki, pensiyaçıların pensiyalarını almalarında tərəddüdlü bir vəziyyət yaranmasın.
Bayaq mənim hörmətli həmkarım Tahir bəy də buna  qaynaq göstərdi.  110 milyon manata qədər vəsait var ki, o vəsaitin istifadə olunması, bir daha növbəti ildə  büdcəyə qayıtmaması ilə bağlı olaraq   tədbirlər görmək mümkündür. Ən əsası da ondan ibarətdir ki, biz  büdcəni daha çox  vəsaitlə təmin etmək üçün müəyyən qaynaqlar tapmalıyıq. Gəlin biz bu təqaüdçülərin, başqa təbəqələrin vəsaitlərinə toxunmayaq, sosial narazılıq yaratmayaq. Hər evdə təqaüdçü yaşayır. Elə bir ailə yoxdur ki, bizim bu qanun ona toxunmasın. Ona görə mən də o fikirdəyəm ki, daha çox qaynaq axtarmaqla bağlı  tədbirlər görülməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov. Xahiş edirəm, bir az qısa çıxış edək.
İ.Məmmədov. Çox sağ olun, cənab Sədr. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər, bildiyimiz kimi, qanunvericilik təşəbbüsünün subyekti olaraq  möhtərəm cənab Prezidentin imzası ilə daxil olmuşdur. Bu məsələ bizim komitədə işçi qrup səviyyəsində 3 dəfə   müzakirə olunmuşdur. Bu müzakirələr  zamanı komitəmizin deputatlarından başqa orada iştirak edən digər deputatlar da öz təklif və rəylərini bildirmiş, qanunvericilik təşəbbüsünün subyekti ilə danışılmış və bizim təkliflərimizin çox hissəsi nəzərə alınmışdır. Təbii ki, bu işin çox böyük əhəmiyyətini dərk edirik. Çünki möhtərəm cənab Prezidentin siyasətinin əsas tərkib hissəsi məhz sosial müdafiədir və sosial müdafiə ən ciddi sahələrdən biri olduğu üçün “Əmək pensiyaları haqqında” Qanuna 98 əlavə və dəyişiklik edilmişdir.
Hörmətli Oqtay müəllim, Siz də bu qanunun işçi qrupu səviyyəsində bir neçə dəfə müzakirə olunmasına şərait yaradaraq diqqət mərkəzində saxlamısınız. Bu müddət ərzində çox işlər görülübdür. Nəyi bildirmək istəyirəm? Burada çıxışlar oldu, hamı qanun layihəsi ilə tanışdır.  Bu dəyişikliklər zəruri olaraq möhtərəm Prezidentimizin 2014-cü il 4 noyabr tarixl sərəncamından  yaranmışdır. Burada əsas prinsip sığorta sisteminin tətbiq olunmasıdır ki,  bu  özü də bir stimul, motivasiya verəcək. Burada qeyd olundu ki, özəl sektorun daha çox  cəlb olunması, təbii ki, insanların özünün işlə təmin olunmasına marağı, yeni iş yerlərinin açılması bu konsepsiyanın uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. Mən  hesab edirəm ki, qanun layihəsi bu gün Milli Məclisdə müzakirə zamanı qəbul olunmalıdır. Qeyd etdiyimiz kimi, 98 əlavə və dəyişikliklərin bir qismi burada sayıldı. Mən də bir hissəsini nəzərinizə çatdırmaq istəyirəm. Əvvəllər baza hissəsi ləğv olunduğu üçün  toplanan sığortanın əgər 50 faizi pensiyaçının pensiyasının formalaşmasına yönəlirdisə, ind artıq onun əmək haqqının 90 faizi pensiyasının formalaşmasına istiqamətlənəcəkdir.  Bu baxımdan hesab edirəm ki, digər əlavə və dəyişikliklərin ən vacib  müsbət məqamı  hərbiçilər üçün müəyyən edilmişdir. Xüsusən əgər cavan əsgər xidmətə gedib yaralanmışdırsa və ya əlil olmuşdursa və heç bir formada iş qabiliyyəti qalmamışdırsa, artıq bunun əmək stajı tələb olunmadan pensiyası müəyyənləşdiriləcəkdir.
Digər bir dəyişiklik haqqında da burada məlumat verildi. Vaxtınızı çox almaq istəmirəm, amma  konseptual olaraq demək istəyirəm ki, möhtərəm cənab Prezidentin imzası ilə daxil olan bu qanun layihəsi tək bu gün və ya sabah üçün hesablanmayıb. Burada statistikadan da danışıldı. Əlbəttə, bu statistik rəqəmlər bizə orada, komitədə də təqdim olundu. Məsələn, hansı meyarlarla götürülüb. Təbii ki, statistika nəzərə alınmalıdır. Yəni biz heç bir statistikanı götürmədən  yaşı müəyyənləşdirə  bilməzdik.  Amma onu da nəzərə alaq ki, bu gün tibbin inkişafı, diaqnostikanın təkmilləşdirilməsi sayəsində artıq ömrün uzadılması üçün böyük imkanlar yaradılıb. Yaxud da yaşla əlaqəli olaraq təklif olunan  fikirlərə,  büdcədən əmək haqqı alanların, həkimlərin, müəllimlərin təqdir etdiyi həmin yaş məsələsinə baxaq. Onun düzgün izahı, sadəcə, burada verildi ki, müəyyən vaxtlarla hər il 6 ay olmaqla bu artırılacaqdır.
Ümumilikdə, bu qanun layihəsini müdafiə edirəm və hesab edirəm ki, konseptual olaraq cənab Prezidentin əsas diqqətində olan sosial müdafiənin ən ciddi sahələrindən birində çox böyük dəyişikliklər və  islahatlar aparılır. Bu, gələcəkdə digər islahatların da formalaşmasına, təkmilləşməsinə, yeni iş yerlərinin açılmasına, sığorta sisteminin tətbiqinə şərait yaradacaqdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən çıxışımı qısa edəcəyəm. Çünki burada  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris müəllim, komitə sədri Hadi müəllim bəzi məsələlərlə bağlı geniş şəkildə açıqlamalar verdilər. Mən hörmətli nazir müavininin çıxışını çox diqqətlə dinlədim. Ancaq  onun çıxışında olmayan bəzi məqamlar, ölkədə fərdi uçota keçməklə bağlı məsələlər var. Bu gün Müdafiə Fondundan daxil olmayan qaynaqlarla bağlı məsələlər var. Bunlarla bağlı dəqiq fikirlər eşitmədiyim üçün bəzi açıqlamalar istəyərdim. Biz qaynaqlardan danışırıq, amma özəl sektorda bu gün  minlərlə insan əmək müqaviləsi olmadan çalışdığı üçün xeyli vəsait  fonda daxil ola bilmir. Nazirliyimizin bununla bağlı statistikası varmı? Nə qədərdir bu qaynaqlar?  Bunlar  öz təsirini necə göstərir? 
Bu gün  biz nə qədər maddəyə  baxdıq, gördük ki, bunlar gələcək 8–9 ildə, 10 ildə ciddi problemlər yaradacaqlar. Əmək müqaviləsi ilə çalışmayan insanların sabah aqibəti necə olacaq? Xeyli müddətdir biz bu fərdi uçot sisteminə keçmişik. Bu insanların məsələsi nə olacaq? Faktiki olaraq bu insanlar işləyirlər, amma nazirliyin sənədlərində bu adamlar işləmirlər. Sabah bu insanların pensiya təminatı necə olacaq? Axı hamısı fərdi uçot sisteminə keçdi, köhnə sistemlə yanaşmalar ortadan qalxdı. Bu, dövlətin də, vətəndaşın da çox ciddi probleminə  çevriləcək. Nə işlər görüləcək?
Bu gün bu islahatları edirik, bu dəyişikliklər gedir. Amma elə etmək lazımdır ki, gələcəkdə bu dəyişikliklərə görə vətəndaşlar zərər görməsinlər, indidən bu problemlər öz həllini tapsın ki, sonradan vətəndaş narazı qalmasın. Bunun üçün nə işlər görüləcək? Yəni əmək müfəttişliyinin işinin artırılması, insanların bu istiqamətdə hüquqlarını daha geniş bilməsi, maarifləndirmə, müfəttişliyin işinin təkmilləşdirilməsi,  bunlar çox ciddi məsələlərdir. Sabah əmək müqaviləsi olmayan insanların pensiya məsələləri ən ciddi problem  olaraq ortaya çıxacaq. Bu gün  bəzi islahatlar edilməsə, bəz məsələlər öz həllini tapmasa, sabah daha ciddi məsələ kimi öz həllini gözləyə bilər. Bu istiqamətdə fikirlərinizi bilmək  istərdim.
Təbii ki, buradakı məsələlərdə mən də həmkarlarımla razıyam ki, bunları insanlarımıza daha geniş şəkildə  izah etmək, dövlətin əsas məqsədləri nədən ibarətdir, onu başa salmaq lazımdır. Bu istiqamətdə ortaya çıxan hər hansı qeyri-yanlış informasiyalara yol verməmək üçün   daha çox maarifləndirmə aparılması lazımdır. Amma dediyim konkret məsələlərə nazirliyin baxış məsələsi necədir? Bundan sonra hansı addımları atmaq istəyir, onu  bilmək istərdik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyevin sualı var. Buyursun.
A.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Əslində, mən çıxışa yazılmışdım, ancaq məndən öncə həmkarlarımın dedikləri fikirlərlə mənim fikirlərimin üst-üstə düşməsin və vaxtın azlığını nəzərə alıb bir sual vermək istərdim. Təbii ki, əhalinin əhəmiyyətli bir qismi maaşından sosial ayırmalara məcburi pul ödəsə də, pensiya yaşına çatmadan dünyasını dəyişir. O zaman yığılan məbləğ necə olacaq, kimə çatacaq? Bu sual, təbii ki, məni narahat edir. Bir təklif vermək istəyirdim ki, əgər bu qanun 7-ci ayın 1-dən qüvvəyə minəcəksə, hərbiçilərimizin durumunu nəzərə alıb bu qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsini təklif edərdim. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən qısa demək istəyirəm ki, qanunu  qəbul etmək  bizim indiki dövr üçün olduqca zəruridir. Bu qanunun  mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsinə kim nə verirsə, onu da alacaqdır. Yəni düzü budur. Ona görə də mən hesab edirəm ki, bu qanunun qəbul edilməs olduqca vacibdir. Bir şeyi də nəzərə almaq lazımdır ki, biz indiyə qədər təhsil sistemi haqqında və sair qanunları müzakirə etmişik, amma Azərbaycanın özünəməxsus xüsusiyyətlərini də nəzərə almaq lazımdır.
20 ildən artıqdır, müharibə şəraitində yaşayırıq, nə qədər xərclərimiz var. Dünən televizora baxanlar  və ya bu gün “Azərbaycan” qəzetini oxuyanlar yaxşı bilirlər ki, Baş nazirin müavini cənab Əli Həsənovun bir sözü çox yerinə düşdü. İndiyə qədər qaçqınlar üçün tikilən mənzillərin həcmi 2 Mingəçevir şəhərinin həcmi qədərdir.  Bəli, hesab edin ki, bu, maliyyə vəsaiti hesabına mümkün olur. Ona görə, mənim 2 təklifim var. Birinci, xanımların yaş senzinin azaldılması, yəni kişilərlə bərabər 65 olması bir az bizi, – rəhbərlik də bunu dedi, –  narahat edir. Sonra, 85 faizdən 15 faizin bank xərclərinə verilməsi,  mən qiymətləndirici kimi deyirəm ki, bu 7–8 faiz təşkil edə bilər. Hadi müəllim də burada dedi, amma bizə təqdim olunan sənədlərdə bu, 85 faiz qəbul olunur. Ona görə hesab edirəm ki,  növbəti təkliflərdən biri də bu olacaqdır. Ümumiyyətlə, mən qanuna  səs verəcəyəm və bütün həmkarlarımı da bu qanuna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İdris müəllim, buyurun, bəzi sualları cavablandırın.
İ.İsayev. Çox sağ olun, Oqtay müəllim. Mən dəyərli fikirlərinə, təkliflərinə və rəylərinə görə millət vəkillərinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bir neçə məsələyə də öz fikrimi bildirmək istəyirəm. Şübhəsiz, Azərbaycanda pensiya sistemi, bilirsiniz ki, sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Bunun əsaslarını biz 2006-cı ildə qurmuşuq  və bu prinsip hər bir sığorta olunan üçün fərd şəxsi hesabların  açılmasını nəzərdə tutur. Bu gün “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərdə də  biz bu sığorta prinsiplərinin daha da gücləndirilməsini nəzərdə tuturuq. İstəyirik ki, bizim vətəndaşlarımız bu hüquqların qazanılmasında birbaşa iştirak etsinlər. Məhz buna görə də biz ödənilən sığorta haqlarının tam olaraq onların fərdi hesablarında nəzərə alınmasını istəyirik ki, onlar gələcəkdə layiqli pensiya təminatına sahib olsunlar. Şübhəsiz, sığorta haqları pensiya təminatında üst təbəqədir. Bunun altında əmək haqqı və əhalinin gəlirləri durur. Bunu həm Əli müəllim, həm də Qənirə xanım qeyd etdi. Əmək haqlarının yüksək olması, gəlirlərin  yüksək olması  pensiya təminatının yüksək olması deməkdir. Ona görə də vətəndaşlarımız çalışmalıdırlar ki, onların əmək haqları, gəlirləri yüksək olsun.
Burada Tahir müəllim qeyd etdi ki, bizim əmək müqavilələrinin qeydiyyatını aparan elektron informasiya sistemimiz var. Doğrudan da, MDB məkanında və dünyada çox az ölkələrdə mövcud olan belə bir sistem Azərbaycanda qurulmuşdur. Bu o deməkdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə bütün muzdla işləyənlər barədə məlumatları əldə etmək imkanına, habelə əmək bazarında olan dəyişiklikləri izləmək imkanına malikdir. Çünki əmək müqavilələri artıq kağız üzərində hüquqi qüvvəyə malik deyillər. Müqavilələr yalnız elektron informasiya sistemində qeydiyyatdan  keçdikdən sonra hüquqi qüvvəyə malikdirlər. Bilirsiniz ki, Əmək Məcəlləsinə 2013-cü ildə dəyişikliklər edilmişdir. Bu o deməkdir ki, bizdə əmək haqqı məbləği barədə dəqiq məlumat var. Burada da mən çıxışımda söylədim, çox əfsuslar olsun, ölkəmizdə müəyyən kateqoriyalı şəxslər var ki, – təxminən işləyənlərimizin  30 faizi, – minimum əmək haqqına yaxın bir göstəricidədir. Bu o  deməkdir ki, əmək haqlarının artırılması  zərurəti var, əmək haqlarının leqallaşdırılması zərurəti var. Belə olduğu halda, şübhəsiz, pensiya təminatı da buna adekvat olacaqdır, bunu qarşılaya biləcəkdir. Dəyişikliklər etməyimizin əsas məqsədi də əmək haqlarının leqallaşdırılmasından ibarətdir.
Eyni zamanda, bir şeyi də qeyd edim, maliyyə axınlarının ayrılması  vacib prinsiplərdən biridir. Bu gün təklif olunan layihədə də bu öz əksini tapmışdır. Əlbəttə ki, Əli müəllim də bunu qeyd etdi, digər ölkələrdə pensiya fondları böyük investisiya fondlarıdır. Yəni investisiya etmək imkanına malikdirlər. Təsəvvür edin ki, şəxs 15 yaşından əmək fəaliyyətinə başlayır və pensiya yaşı çatanadək, yəni 65 yaşına çatanadək sığorta haqqı ödəyir. Bu dövrdə bunu geri istəmir, çünki pensiya yaşı tamam olmamışdır. Yəni sığorta hadisəsi olmamışdır. Bu vəsaitlər, əlbəttə ki, digər sahələrdə yerləşdirilməlidir. Ona həmin pensiyanı  artırmaq imkanı  verilməlidir. Bu yöndə də maliyyə axınlarının ayrılması nəzərdə tutulmuşdur. Yəni biz layihədə dəqiq müəyyənləşdirmişik ki, dövlət öz öhdəliklərini daşımalıdır. Dövlət büdcəsi yalnız dövlət öhdəlikləri üzrə vəsait ödəməlidir. Sığorta öhdəlikləri isə sığorta sistemi tərəfindən qarşılanmalıdır. Məhz təklif olunan layihədə bu öz əksini tapmışdır. Belə olduğu halda biz, şübhəsiz, əlavə vəsait qazanmaq imkanlarına malik oluruq. Əlbəttə ki, pensiyaçılarımıza öz pensiyalarını artırmaq imkanlarını da vermiş oluruq.
Bu gün qeyd edildi, mən də öz çıxışımda  qeyd etdim. Əgər bu öhdəlikləri hesablasaq, 2017-ci ildə dövlət büdcəsindən, əslində, 1 milyard 417 milyon manat vəsait ayrılmalıdır. Siz də bilirsiniz ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artıq parlamentdə təsdiq olunub. Orada transferin məbləği 1 milyard 270 milyon manatdır. Yəni bundan aşağıdır. Əvvəlki dövrlərdə bu daha böyük məbləğ ilə ifadə olunurdu. Yəni 1992-ci ildən uzaqlaşdıqca sovet dövrünün stajı azalır. Əlbəttə ki, bu öhdəliklər də azalır. Amma digər tərəfdən pensiyanın əlavə hissəsinə əlavələr mövcuddur, bu əlavələrin məbləği də dövlət öhdəliklərini artırmağı şərtləndirir. Əlbəttə ki, bütün bu dəyişikliklər müvafiq hesablamalara əsaslanır. Biz aktual hesablamalar aparmışıq. Əlimizdə müvafiq fiskal göstəricilər mövcuddur. Bu qərarlar, şübhəsiz, bu dəqiq proqnozlar əsasında qəbul edilmişdir.
Burada bir şeyi də  qeyd etməliyəm. Qənirə xanım dedi, yəni nazirlik hansı tədbirləri nəzərdə tutur. Bu, qeyri-leqal əmək fəaliyyətinin leqallaşması ilə bağlı olan vacib məsələlərdən biridir, yəni bu gün mövcud olan problemlərdən biridir. Biz müvafiq hesablamalar və təhlillər aparmışıq, bu təhlillərə və araşdırmalara uyğun olaraq tədbirlər nəzərdə tutmuşuq. Əmək müqavilələrinin qeydiyyat sistemini yaratmağımızın  əsas məqsədi faktiki göstəriciləri əldə etmək imkanını qazanmaq idi. Biz bunu birinci addım olaraq əldə etmişik. Artıq bundan sonra bu sistemin fəaliyyətindən və göstəricilərindən asılı olaraq əmək müfəttişliyinin fəaliyyətini daha da gücləndirməyi nəzərdə tutmuşuq. Vergi Məcəlləsində və  “Sosial sığorta haqqında” Qanunda, bilirsiniz ki, bununla bağlı müvafiq müddəalar mövcuddur. Əlbəttə, biz bu istiqamətdə fəaliyyəti bundan sonra daha da təkmilləşdirəcəyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma Qənirə xanımın sualı ilə mən də  razıyam. Sizdə əmək müfəttişliyi normal işləməlidir. İnsanlar normal iş aparmalıdırlar. Müqavilələrə normal baxılmalıdır. Bu, ildən-ilə gedir. Hər dəfə tədbirlər fikirləşirik, amma axıra çatdıra bilmirik. Mən bunu demək istəyirəm. Bu məsələyə çox diqqət vermək lazımdır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 14.50 dəq.)
Lehinə 98
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İclasımız sona çatdı. Sağ olun.


EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

7 mart 2017-ci il
______________________________

Vahid Əhmədov. Ombudsman  təsisatı 2002-c ildən başlayaraq  hər  il  (15 ildir) “Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkil haqqında” Qanuna  uyğun  olaraq  Mill Məclisə  gördüyü  işlər  barədə  geniş  məlumatlar  verir. Bu məruzələrdə  insan  hüquq  və  azadlıqlarının vəziyyət geniş  əks  etdirilir. Builki məruzədən  göründüyü  kimi, ombudsman  bütün  fəaliyyət dövründə  istər  dövlət  qurumları, istərsə də  vətəndaş  cəmiyyətləri, kütləv informasiya  vasitələri, həmçinin  beynəlxalq  qurumlar  və  xaricdək həmkarları  ilə  konstruktiv  əməkdaşlıq  şəraitində  fəaliyyət  göstərmiş, bir  çox  sahələrdə uğurlar  qazanmışdır. 
Müvəkkilin  cəbhə  bölgəsində  olmasını, cəbhəboyu kəndlərin  sakinlər ilə  görüşlərin xüsus qeyd  edərək bu işi cox  vacib  sayıram. Hesabatdan  da göründüyü  kimi, belə  görüşlər  mütəmad keçirilmişdir. Azərbaycanın  əsas  məsələs olan  Qarabağ  probleminə ombudsmanın  diqqətini, dünya  birliyinə, beynəlxalq  qurumlara  müraciətlərini, Ermənistan  silahlı  qüvvələrinin  işğal  olunmuş  ərazilərimizdən  çıxarılması və bu  sahədə  pozulmuş  insan  hüquqlarının  bərpası  məsələlərinin  gündəmdə  olmasını  çox  vacib  sayıram.
 Müvəkkilin  əmək  hüquqlarının  müdafiəsi, sosial  təminat  hüququ, səhiyyə, təhsil, mənzil məsələlər ilə  bağlı müraciətlər prioritet  olaraq  gündəmdə  saxlaması  çox  vacibdir.
Azərbaycanın dövlət başçısı  cənab  İlham  Əliyevin  2016-cı  ildə    başlatdığı iqtisadi və siyasi islahatlar ombudsman  təsisatının qarşısında  da  bir  çox  yen vəzifələr  qoyur. Azərbaycanda  məhkəmə sistemində  cidd islahatlara  çox  böyük  ehtiyaclar  olduğu  ombudsmanın  hesabatında  qeyd  olunur. Məhkəmələrin  qəbul  etdiy qərarların  vaxtında  icra  olunmaması, icra  məmurlarının  öz  vəzifələrinə  laqeyd  yanaşması  insan  hüquqlarının  pozulmasına  gətirib  çıxarır. Məruzədən göründüyü kimi, Ədliyyə  Nazirliy tərəfindən  28  əməkdaş  məsuliyyətə  cəlb  edilmiş, ik nəfər  ədliyyə orqanlarından  xaric  edilmiş,  bir  nəfər  barəsində  materiallar  Baş  Prokurorluğa  göndərilmişdir.
Bildiyiniz  kimi, bu  yaxınlarda   yetkinlik  yaşına  çatmayan  Nuray  Bayramzadənin  xalasından  alınaraq  atasına  verilməs barədə  qətnamənin  icrası  ilə  bağlı  Quba  rayon  İcra  şöbəs tərəfindən  həyata  keçirilmiş  icra  tədbirlərin əks  etdirən  videosüjetin  sosial  şəbəkələrdə  yayımlanması  cəmiyyətdə  geniş  müzakirələrə  səbəb  olmuşdur. Təəsüf  ki,  2016-cı  ilin  dekabr  ayının  7-də  baş  vermiş  hadisədən  üç  ay  vaxt  keçməsinə  baxmayaraq,  bu  günə  qədər  baş  verənlərlə  bağlı  Ədliyyə  Nazirliyində  aparılan  xidmət araşdırma  yekunlaşmamış, kobudluğa  yol  vermiş İcra  şöbəsinin  əməkdaşlarının  fəaliyyət yoxlanılaraq  hərəkətlərinə  hüquq qiymət  verilməmişdir.
Müvəkkilin  təkliflər zərfində xeyli vacib  məsələlərə  toxunulmuş, maraqlı  ideyalar  öz  əksin tapmışdır. Tövsiyə  edərdim  ki, zərfdə cənab  Prezidentin  həyata  keçirdiy islahatların  əsasını  təşkil  edən  məhkəmə  sistemindək islahatlar, icra  məmurları  məsələsi, qərar  və  qətnamələrin  vaxtında  çatdırılması  öz  əksin tapsın. Bu məsələlər ilə əlaqədar biz də kifayət qədər şikayətçilər qəbul edir və məktublar alırıq.
Müvəkkilin   Baş Prokurorluq  və  Daxil İşlər  Nazirliy ilə  sıx  əməkdaşlıq  etdiyin və  bir  sıra  problemlər vaxtında  həll  etdiyin məruzədən  görsək də, məhkəmə  orqanları  ilə  əməkdaşlıqla bağlı bunu  demək  mümkün  deyil. Müvəkkilə gələcək  fəaliyyətində  bunu  nəzərə  almağı  tövsiyə  edərdim.                                         
Müvəkkilin  fəaliyyət dövründə  ünvanına  148000  müraciətin, 2016-cı  ildə  isə  18740  müraciətin  daxil  olması  çox  mühüm  faktdır. Müraciətlərin  57,4 faizinin icraata  qəbul  edilməməs və  onlardan  imtinası isə müəyyən  suallar  doğurur. Nəzərə  almaq  lazımdır  ki, şikayət  edən  hər  bir  insan  şikayət  etdiy insana  bir  çıraq  kim baxır  və  ondan  ümidveric cavab  gözləyir. 
Məruzədə  qeyd  edildiy kimi, müvəkkilin   dörd  regionda – Quba, Şəki, Cəlilabad və  Gəncədə  regional  mərkəzlər yaradılmışdır. Bu  regional  mərkəzlərin  fəaliyyəti daha  da  genişləndirilməlidir. Əhal ilə  təmas  qurmaq, yerl mətbuatda  insanları  maarifləndirmək, onları  maraqlandıran  məsələlərə vaxtında  cavab  vermək, millət  vəkillər ilə  birgə  işləmək  çox  vacibdir. Sağ olun.

                              
10 mart 2017-ci il
_________________________

Aytən Mustafazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsində məktəbəqədər təhsil müəssisələrinin fiziki məhdudiyyətli uşaqlar üçün uyğunlaşdırılması, habelə həmin müəssisələrdə fiziki məhdudiyyətli insanlar üçün müvafiq pandusların quraşdırılması ilə bağlı müddəalar nəzərdə tutulmalıdır. Habelə “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna sağlamlıq imkanları məhdud olan şəxslərin ümumi təyinatlı təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsili forması kimi “İnklüziv təhsil” haqqında normanın daxil edilməsi məqsədəmüvafiq olardı. Qanunun 16-cı maddəsinə əsasən məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi, bir qayda olaraq, ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi qrupların açılması, əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin təşkil edilməsi yolu ilə həyata keçirilir. Lakin məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsinin, bir qayda olaraq, ümumi uşaq tərbiyə müəssisələrində həyata keçirilməsi onların fiziki və psixoloji inkişafına daha müsbət təsir göstərə bilər.
Təqdirəlayiq haldır ki, qanun layihəsinin 3.0.7-ci maddəsində sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin inklüziv təşkili məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təsbit edilmişdir. Lakin qanun layihəsinin 1.0.10-cu maddəsində inklüzivliyə verilən anlayışda bir qədər dəqiqləşdirmə aparılması əhəmiyyətli olardı. Orada inklüzivliyə “sağlamlığının, potensial imkanının, maddi təminatının vəziyyətindən asılı olmayaraq bütün uşaqların təhsil almaq hüququnun təmin edilməsi” kimi leqal anlayış verilmişdir. Bu daha çox təhsil sahəsində hüquq bərabərliyi anlamını ifadə edir. İnklüzivlik isə, ilk növbədə, normal uşaqlarla sağlamlıq imkanları məhdud uşaqların yanaşı, eyni şəraitdə, vahid mühitdə təhsil almaq hüququnun təmin edilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirik ki, qanun layihəsinin 1.0.10-cu maddəsində “bütün uşaqların” sözlərindən sonra “birgə” sözünün artırılması məqsədəmüvafiq olardı. Həmçinin qanun layihəsində aşağıdakı məzmunda norma təsbit edilməlidir: “Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsili, bir qayda olaraq, qanunla müəyyən edilmiş qaydada inklüziv təhsil formasında həyata keçirilir”.
Qanunvericilik texnikasının tələbləri baxımından qanun layihəsinin 1-ci maddəsində “məktəbəqədər təhsil”, “məktəbəqədər təlim”, “məktəbəqədər tərbiyə”, “məktəbəqədər təhsil prosesi” anlayışları öz əksini tapmalıdır ki, onlar qarışıq salınmasın. Məsələn, bəzi yerlərdə  “məktəbəhazırlıq təhsili” terminindən istifadə olunur və o, “məktəbəqədər təhsil” termininin sinonimi kimi işlədilir. 7.4-cü maddədə eyni anlamda “məktəbəqədər təlim” terminindən istifadə olunur. 
Qanun layihəsinin 1.0.9.-cu maddəsində bələdiyyələrin təşkilati köməkliyi ilə yerlərdə məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qruplarının yaradılması, 10.2-ci maddədə isə Azərbaycan Respublikasında dövlət və özəl məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, bələdiyyə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərə bilməsi imkanı da nəzərdə tutulmuşdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci hissəsində isə yerli sosial müdafiə və inkişaf proqramlarının əhatə etdiyi sahələr sırasında uşaqların məktəbəqədər hazırlığı nəzərdə tutulmamışdır. Qanun layihəsi ilə həmin qanun arasında uyğunluğun təmin edilməsi baxımından hesab edirik ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəssinin ikinci hissəsinin ikinci cümləsində “həmin proqramlar” sözlərindən sonra “məktəbəqədər təlim” sözlərinin artırılması məqsədəuyğun olardı.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-ci maddəsi belə formulə edilmişdir: “14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, Ñ…üsusi uşaq bağçası)”. Göründüyü kimi, mötərizədə məktəbəqədər təhsil müəssisələrinin növlərinin siyahısı verilib və bu siyahı qapalı xarakterə malikdir. Qanun layihəsinin 10.3-cü maddəsində isə məktəbəqədər yaşlı uşaqların təlimi ilə məşğul olan müəssisələrin 10  növü göstərilmişdir. Ona görə də qanun layihəsi ilə həmin qanun arasında uyğunluğun təmin edilməsi baxımından hesab edirik ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi daha məqsədəmüvafiq olardı: “14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, Ñ…üsusi uşaq bağçası və qanunvericilikdə nəzərdə tutulmuş digər bu tipli müəssisələr)”.
Hər hansı bir sahəni tənzimləmək üçün ayrıca qanun qəbul olunursa, həmin sahə ilə bağlı bütün prinsipial məsələlər və vacib məqamlar o qanunla tənzimlənməli və öz təsbitini tapmalıdır. Təəssüflər olsun ki, qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin tabeçiliyi ilə bağlı mühüm məsələ öz həllin tapmamış və açıq qalmışdır.   
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən uşaq bağçaları təhsil müəssisələrinin bir növünü  təşkil edir. Təhsil müəssisələri isə, əsasən, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməlidir. Lakin “Azərbaycan Respublikasında körpələr evlərinin, uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixl 1941 nömrəli Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Halbuki qanunvericiliyə uyğun olaraq tərbiyəçi müəllimlərin hazırlanması və təkmilləşdirilməsi məsələsi yalnız Təhsil Nazirliyinin səlahiyyətinə aiddir.
Beləliklə, hesab edirik ki, uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır. Çünki bütün, o cümlədən fiziki imkanları məhdud uşaqların təhsil aldıqları dövrdə bir qurumun təlim-tərbiyə personalının (həkim, müəllim, məşqçi) vahid nəzarəti altında təlim-tərbiyə  keçməsi zəruridir. Ona görə ki, bu halda, birincisi, uşaq haqqında məlumatlar vahid mərkəzdə  cəmləşər və ziddiyyətli məqamlar olmaz. İkincisi, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında bölünməsinin qarşısı alına bilər. Üçüncüsü, təlim-tərbiyə prosesi daha düzgün təşkil oluna bilər, çünki icra hakimiyyəti strukturlarında təhsil strukturları ilə müqayisədə təlim-tərbiyə proseslərini lazımi səviyyədə təşkil edə bilən kadr-mütəxəssis heyəti çox azdır və ya yox dərəcəsindədir.
Bütün qeyd olunanlar baxımından hesab edirik ki, qüvvədə olan qanunvericiliyə aşağıdakı məzmunda normanın daxil edilməsi məqsədəmüvafiq olardı: “Yerli icra hakimiyyəti orqanlarının  tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin”. Mənə elə gəlir ki, bu, ümumi işin xeyrinə olardı. Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU