17.03.2017 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 37

Milli Məclisin iclas salonu.
17 mart 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 109
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Ramin Quluzadə, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və texnologiyalar naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.

*  *  *

Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.

*  *  *

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.

*  *  *

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurasının sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

*  *  *

Etibar Pirverdiyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin  prezidenti.
Baba Rzayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Qorxmaz Hüseynov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar  Cəmiyyətinin  sədri.
Əhməd Əhmədzadə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Saleh Məmmədov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Rauf Vəliyev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri.

*  *  *

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Natiq Əzizov, Azərbaycan Respublikası  Baş nazirinin köməkçisi.

*  *  *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

*  *  *

Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Səyyad Salahlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı barədə.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Artur Rasizadə, Musa Qasımlı, Əli Məsimli, Əflatun Amaşov, Hadi Rəcəbli, Fəzail Ağamalı, Elmira Axundova, Bahar Muradova, Valeh Ələsgərov, Fərəc Quliyev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Arif Rəhimzadə, Naqif Həmzəyev, Jalə Əliyeva, Sahib Alıyev, Astan Şahverdiyev, Tahir Kərimli, Tahir Mirkişili, Yevda Abramov, Əli Hüseynli, Ziyafət Əsgərov, Musa Quliyev, Zahid Oruc, Elman Nəsirov, Çingiz Qənizadə, Qənirə Paşayeva, Fuad Muradov, Nəsib Məhəməliyev, Kamilə Əliyeva

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

17 mart  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir və hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 109
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Bildiyiniz kimi, bu gün gündəlikdə bir məsələ var. Konstitusiyaya uyğun olaraq hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikasının Nazirlər Kabineti öz fəaliyyəti haqqında parlamentə hesabat verir.
Bu gün bizə təqdim olunmuş hesabatdan göründüyü kimi, ötən il də dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam etmişdir. Ancaq buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dünya iqtisadiyyatında cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini azaltmağa imkan vermişdir. Hesabat ilində ümumi daxili məhsulda artım baş verməsə də, informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım müsbət qiymətləndirilməlidir. Belə ki, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 65,9 faiz təşkil etmişdir.
Hörmətli millət vəkilləri, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business-2017” hesabatında Azərbaycan işgüzar mühitin əlverişliyi səviyyəsinə görə 190 ölkə arasında 65-ci yerdə qərarlaşmışdır. Ölkəmiz 4 göstərici üzrə dünya dövlətlərinin sıralanmasında ilk 40-lığa daxil olmuş, “biznesə başlamaq” göstəricisi üzrə 5-ci, “mülkiyyətin qeydiyyatı” göstəricisi üzrə 22-ci, “investorların müdafiəsi” göstəricisi üzrə 32-ci, “vergilərin ödənişi” göstəricisi üzrə isə 40-cı yeri tutmuşdur.
Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də olduğu kimi qoruyub saxlamışdır. Belə ki, il ərzində ölkədə sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manatdan çox sərmayə yatırılmışdır. 2016-cı ildə Azərbaycan dünyanın 186 ölkəsi ilə təqribən 17,7 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparmışdır.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsində, dövlət hakimiyyəti orqanları arasında əlaqələrin güclənməsində, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin də rolu var və onlar da bu işlərdə iştirak ediblər. Ötən il hesabatın müzakirəsi zamanı irəli sürülmüş  təkliflər hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Hesabatdan da görünür ki, millət vəkillərinin 50-yə qədər təklifinin icra vəziyyəti ilə bağlı görülmüş işlərə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də səmərəli olacaq, hökumətin fəaliyyətinə kömək göstərəcəkdir.
Hörmətli millət vəkilləri, hesabatın mətni sizə təqdim edilmişdir. İndi Baş nazirimiz hesabatla bağlı parlamentə məlumat verəcək, sonra müzakirələrə başlayacağıq. Başqa təklif yoxdursa, Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə söz verək.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! 2016-cı ildə ölkəmiz dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdi. Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası əsasında Prezident İlham Əliyevin apardığı çevik və praqmatik  siyasət ölkəmizin şərəfli tərəqqi yolu keçərək dünya dövlətləri arasında layiqli yer tutmasını təmin etmişdir. Dövlət başçısının daxili və xarici siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin və əlavələrin referendumda qəbul edilməsi bir daha əyani sübut etdi.
Bu dəstəyin və xalq-iqtidar birliyinin son 13 ildəki iqtisadi əsaslarını əks etdirən faktları və rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Ölkədə istehsal edilən ümumi daxili məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sektorunun sahələrinə yönələn sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əmək haqqı 6,4 dəfə artmışdır. 250 min qaçqın və məcburi köçkünün sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənmişdir. 1 milyon 677 min yeni iş yeri yaradılmış, 10 min kilometrdən çox avtomobil yolları salınmış, 3 min məktəb, 600 xəstəxana, 400-dən artıq turizm və mədəniyyət obyektləri, 50 idman kompleksi tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyətli Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin layihələri reallaşdırılmışdır. 26 elektrik stansiyası inşa edilmiş, ölkədə qazlaşdırılmanın səviyyəsi 90 faizə çatdırılmışdır. Əhalinin içməli su ilə təmin edilməsi üzrə ölkəni əhatə edən layihələrin ardıcıl olaraq reallaşdırılması bu böyük və ciddi problemin yaxın dövrdə tam həllinə əminlik yaradır. Taxtakörpü və Şəmkirçay su anbarları kimi nəhəng hidrotexniki qurğular tikilib istifadəyə verilmişdir. Ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında bütün mənbələr  üzrə ümumilikdə 60 milyard manata yaxın maliyyə vəsaiti yönləndirilmişdir. Bu müddətdə aparılan irimiqyaslı ordu quruculuğu işləri ölkənin müdafiə qabiliyyətini dəfələrlə gücləndirmişdir.
Hörmətli deputatlar, 2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Məlumdur ki, dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarmış və tədiyə balansında böyük kəsir yaranmışdır. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırmışdır. Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlılığın təmin edilməsi məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasını və Maliyyə Sabitliyi Şurasını yaratmışdır. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanmış və aidiyyəti dövlət orqanları tərəfindən onların icrasına başlanmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə  gətirib çıxarmış və 2016-cı ili ümumilikdə müsbət və keyfiyyətlə yekunlaşdırmağa imkan vermişdir. Belə ki, iqtisadiyyatın qeyri-neft sahəsində istehsal 5 faiz artmışdır. Qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyası əsas götürülmüşdür. Artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı fəaliyyət göstərməkdədir.
Ümumən keçən il 400-dən artıq sənaye müəssisəsi açılaraq fəaliyyətə başlamış, kənd təsərrüfatında həyata keçirilmiş genişmiqyaslı tədbirlər sayəsində mövcud istehsal 2,6 faiz artmışdır. Əsas kapitala yönəldilmiş 15 milyard manatdan artıq vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşmüşdür. Hesabat ilində dövlət büdcəsi gəlirlərinin icrası təmin edilmiş və bunun müqabilində  bütün sosial ödəyicilər, əsas dövlət proqramları yerinə yetirilmişdir. Büdcənin bir qayda olaraq sosialyönlü olması orta aylıq əmək haqlarının və pensiyaların artırılmasına zəmin yaratmışdır. Dövlət büdcəsindən maliyyələşdirilən elm, təhsil, səhiyyə, mədəniyyət, müdafiə və sair sahələrdə çalışanların aylıq əmək haqları, pensiyalar, məcburi köçkünlərə verilən aylıq müavinətlər, təqaüdlər və digər sosial ödənişlər orta hesabla 10 faiz artırılmış və ümumilikdə 3 milyon 600 min insanı əhatə etmişdir. 130 minə yaxın aztəminatlı ailənin ünvanlı sosial yardımla təmin edilməsinə təqribən 240 milyon manatadək maliyyə vəsaiti xərclənmiş, 7 min məcburi köçkün yeni mənzillərlə təmin olunmuşdur.
Regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası çərçivəsində il ərzində çoxsaylı istehsal, infrastruktur və sosial layihələr həyata keçirilmişdir. Belə ki, İsmayıllı və Şəmkir rayonlarında su-elektrik stansiyaları, Bakı şəhərində iriqabaritli transformatorlar zavodu, Sumqayıtda tikiş, Ağstafada mebel fabrikləri və digər müəssisələr tikilib istifadəyə verilmişdir. Bu  müddətdə 800 kilometrdən çox avtomobil yolları, 14 körpü tikilmişdir. 56 elektrik yarımstansiyası inşa edilmiş və təmir olunmuşdur. 25 min kilometrdən artıq elektrik xətləri çəkilmiş, ölkənin enerji infrastrukturunun müasirləşdirilməsi, paylayıcı şəbəkələrin yenidən qurulması, əhalinin və istehsal müəssisələrinin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Respublika üzrə 209 yeni yaşayış məntəqəsi mobil yanacaqla təchiz olunmuş, içməli su sistemlərinin yenidən qurulması davam etdirilmişdir. Qəbələ və Masallı rayonlarında fəaliyyətə başlayan “ASAN xidmət” mərkəzləri öz coğrafiyasını daha da genişləndirmişdir.
Sosial-iqtisadi inkişafı sürətləndirən əsas amillərdən biri də ölkədə sahibkarlığın geniş təşəkkül tapmasıdır. Buna nail olmaq üçün həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sahibkarlıq obyektləri ilə dövlət orqanları arasındakı münasibətlər xeyli sadələşdirilmiş, lisenziyaların alınmasına sərf olunan vaxt həm qısaldılmış, həm də asanlaşdırılmışdır. Lisenziya tələb edən fəaliyyət növlərinin sayı azaldılmış və onların bəziləri müddətsiz verilməyə başlamışdır. Ödənilən dövlət rüsumlarının məbləğləri 2 dəfədən 4 dəfəyədək azaldılmışdır.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 190 milyon manat məbləğində güzəştli kredit ayrılmışdır. Daxili bazarın qorunması və idxalın əvəz edilməsi üçün ölkədə istehsal olunan bir sıra tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının idxalına rüsum tətbiq edilmişdir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, həlledici ixracyönlü məhsulların istehsalında mühüm rolu olan aqrar sənaye kompleksində işlər geniş vüsət almışdır. Keçən illə müqayisədə əksər kənd təsərrüfatı  məhsulları istehsalının həcmi artaraq yüksək göstəricilərə nail olunmuşdur.
Dövlət başçısının təşəbbüsü ilə kənd təsərrüfatının ənənəvi pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və fındıqçılıq kimi yüksək gəlirli sahələrin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri artıq ilkin nəticələrini verməyə başlamışdır. Nəticədə əvvəlki il ilə müqayisədə 2,5 tondan artıq pambıq istehsal edilmiş, fındıqçılığın inkişafı üçün 18 min hektar sahədə fındıq ağacları əkilmiş, baramaçılığın genişləndirilməsi məqsədi ilə 37 rayonda yeni bağlar salınmışdır. Kənd təsərrüfatı məhsullarının ixracının 20 faizdən çox artaraq təqribən 400 milyon ABŞ dolları təşkil etməsini xüsusilə vurğulamaq istərdim. Pambıq, ipək və tütün istehsalı sahələrində çalışan fermerlərə subsidiya verilməsinə başlanılmış, ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 180 milyon manatdan artıq məbləğdə yardım edilmişdir.
Son illər 200 min hektaradək torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, 330 min hektar sahədə torpaqların su təminatı, 240 hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Respublikanın müxtəlif rayonlarında yaradılmış 32 iri fermer təsərrüfatına 70 milyon manatdan artıq məbləğdə güzəştli kredit ayrılmışdır.
Azərbaycan iqtisadiyyatında daim mühüm yer tutmuş neft sektorunda da əhəmiyyətli işlər görülmüşdür. Cənub Qaz Dəhlizinə aid olan “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri layihələrinin icrası ilə bağlı işlər qrafiki qabaqlamaqla yerinə yetirilmişdir. Neft-kimya sənayesinin inkişafı məqsədi ilə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda və “Azərikimya” İstehsal Birliyində yenidənqurma və modernləşdirmə işləri, azot gübrəsi və yeni polimer layihələrinin icrası davam etdirilmişdir.
İqtisadiyyatın prioritet sahələrindən biri olan nəqliyyat sektorunda nəzərə çarpan nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikası prezidentlərinin iştirakı ilə Bakı şəhərində keçirilmiş zirvə görüşündə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə xüsusi önəm verilmişdir. Layihə çərçivəsində dəhliz üzrə İran sərhədinədək yolun və Astaraçay üzərində dəmiryol körpüsünün tikintisi qısa müddətdə başa çatdırılmışdır. Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsinin inşası tamamlanmış, Türkiyə hissəsində isə işlər yekunlaşmaq üzrədir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi alınmış 6 quru yük daşıyan və 3 sərnişin gəmisi hesabına fəaliyyətini daha da genişləndirmiş, Baltik gəmiqayırma zavodu ilə iki bərə və iki tankerin tikintisi üçün müqavilə imzalamışdır.  Bakı metropolitenində iki yeni stansiya tikilərək istismara verilmişdir.
Həmişə olduğu kimi, hesabat ilində də insan kapitalının inkişafı ilə bağlı sahələrə böyük diqqət yetirilmişdir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsi davam etdirilmişdir. Dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradılmış, müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən artıq müəllimin 70 faizindən çoxu kənd məktəblərinə göndərilmişdir. İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılmışdır. İl ərzində 20 yeni məktəb tikilmiş, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılmışdır.
Səhiyyə sisteminin müasir tibbi avadanlıqlarla təmin edilməsi yaxın keçmişdə aparılması real olmayan bir sıra cərrahi əməliyyatların bu gün uğurla həyata keçirilməsini mümkün etmişdir. Keçən il icbari tibbi sığortanın tətbiqi məqsədi ilə müvafiq dövlət agentliyi yaradılmış, cari ilin əvvəlindən Mingəçevir şəhərində, Yevlax rayonunda pilot layihələrin icrasına başlanmışdır.
Ötən il Rio Yay Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr, Bakı şəhərində keçirilən Formula 1 yarışları və 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyada idman ölkəsi imicinin daha da möhkəmləndirilməsində xüsusi yer tutur.
Əldə olunan nailiyyətlərdən, milli mədəni irsin və dəyərlərin qorunmasından danışarkən ilk növbədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd etmək lazımdır. Mehriban xanımın beynəlxalq aləmdəki gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. İmkandan istifadə edib hörmətli Mehriban xanım Əliyevanı respublikanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir daha səmimiyyətlə təbrik edir, yüksək dövləti vəzifəsinin icrasında ona müvəffəqiyyətlər arzulayıram.
Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən silahlı qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə vurğulamaq istərdim. Bu gün ölkənin silahlı qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələrin də yerinə yetirilməsini təmin edir. 2016-cı ilin aprel döyüşləri ölkənin hər tərəfində zəfər səhifəsi kimi yazıldı. Təcavüzkar Ermənistanın növbət təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın azad edilməsində uzunmüddətli danışıqlar yolundan başqa hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi.
Hörmətli deputatlar, dövlət başçısı Nazirlər Kabinetinin yanvar ayında keçirilmiş iclasındakı çıxışında görülmüş işləri təhlil edərək 2016-cı ilin dərin iqtisadi islahatlar ili kimi qiymətləndirilməsinin davamı olaraq qarşıda duran vəzifələri müəyyənləşdirmiş və onların icrası ilə bağlı tapşırıqlarını vermişdir. Əminəm ki, Azərbaycan hökuməti bütün qüvvələrin və imkanlarını səfərbər edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olacaqdır. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn gözəl Novruz bayramı münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı və ruzi-bərəkət arzulayıram. Diqqətinizə görə sağ olun. (Alqışlar.) 
Sədrlik edən. Çox sağ olun, Artur Tahiroviç. Xahiş edirəm, müzakirədə iştirak eləmək istəyənlər yazılsınlar. Musa Qasımlı, buyurun.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazirimiz, hörmətli hökumət üzvləri və millət vəkilləri! Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında cənab Baş nazirimiz hörmətli Artur müəllim Rasizadənin təqdim etdiyi hesabatın lehinə səs verəcəyəm. Çünki hökumətimiz ötən il də cənab Prezidentimiz zati-aliləri İlham Əliyevin ölkəmizin bütün sahələrdə inkişafına dair müəyyənləşdirdiyi strategiyanı dünya konyunkturunun bütün mənfi təsirlərinə baxmayaraq uğurla yerinə yetirib, sosial proqramlar təxirə salınmayıb, yollar salınıb, məktəblər, xəstəxanalar tikilib, elm, təhsil, mədəniyyət sahələrində quruculuq işləri davam etdirilib, ordumuz gücləndirilib, tariximizdə heç vaxt görmədiyimiz dəmir yolu sistemimiz tamamilə yenidən qurulub, müasirləşdirilib. Dövlətimizin beynəlxalq əlaqələri genişlənib, mövqeləri möhkəmlənib.
2016-cı ildə dünya konyunkturasının bütün mənfi təsirləri ölkəmizdən, demək olar ki, yan keçib, bu, heç şübhəsiz, cənab Prezidentimizin müəyyənləşdirdiyi strategiyanın hökumətimiz tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Hökumətimiz 2015-ci ildəki fəaliyyətlərinə dair hesabat zamanı söylədiyim təklifləri nəzərə aldıqlarına və yerinə yetirdiklərinə görə cənab Baş nazirimizə, əlaqədar nazirlik, müəssisə və təşkilatların rəhbərlərinə seçicilərim adından minnətdarlığımı bildirirəm.
Hörmətli Oqtay müəllim, təmsil etdiyim 72 saylı Yardımlı–Masallı seçki dairəsindəki seçicilərimdən aldığım məktublar əsasında sistemləşdirdiyim təklifləri hökumətin diqqətinə çatdırmağı və həllini xahiş etməyi özümə borc hesab edirəm. Yardımlı şəhər mərkəzinə bitişik kəndlərin, o cümlədən qaz-boru kəmərlərinin tikintisi üçün relyef baxımından çətinlik  törətməyəcək, yaxınlıqda yerləşən və plana salınmış Osnakəran, Anzov, Abasabad, Hamarkənd və başqa kəndlərin əhalisi “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən bu yaşayış məntəqələrinin qazlaşdırılmasını səbirsizliklə gözləyir. Eyni zamanda, Masallı rayonunun Güllütəpə kənd ərazi nümayəndəliyinə daxil olan kəndlərin qazlaşdırılmasına diqqət ayırmağı hökumətdən xahiş edirəm. Sel və  daşqınların nəticəsində dağılmış körpülərin tikintisinə dair müraciətə cavab olaraq yeni körpülər tikib istifadəyə verdiyi, Yardımlı rayonunda kənd yollarının tikintisi işlərini həyata keçirdiyi üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri hörmətli Saleh müəllim Məmmədova təşəkkür edirəm. Eyni zamanda, Yardımlı–Bozayran, Bülüdül, Bilnə yolunun asfaltlanmasını da xahiş edirəm. 
Çox hörmətli Oqtay müəllim, cənab Baş nazirimiz, bir məsələni də həyəcanla sizin diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Yardımlı–Masallı avtomobil yolunun əsası qoyulandan bəri burada heç bir zaman normal asfalt olmayıb. Yalnız cənab Prezidentimiz zati-aliləri İlham Əliyev Yardımlıya ilk dəfə səfər edərkən əhaliyə böyük bir hədiyyə etdi. Yardımlı–Masallı avtomobil yolu müasir asfalt gördü. Lakin bu yol hansısa şirkətin dağları yarıb Ələt–Astara avtomobil yoluna material daşıması nəticəsində tamamilə bərbad hala düşüb. Məlumatlara görə həmin şirkət müqavilə imzalayarkən işi başa çatdırdıqdan sonra yolun asfaltlaşdırılmasına dair öhdəlik götürüb. Lakin bu iş indiyə qədər görülməyib. Seçicilər cənab Prezidentimizin  Yardımlı sakinlərinə olan hədiyyəsini müvafiq şirkətin layiqli şəkildə bərpa edəcəyini gözləyir.
İçməli suya kəskin ehtiyacları olan Diqov və Yolocaq kəndləri əhalisinin müraciəti əsasında etdiyim xahişi yerinə yetirərək çətin keçilən dağ və dərələri aşaraq əhalini içməli su ilə təmin etdikləri üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri hörmətli Qorxmaz müəllim Hüseynova və əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Əhali uzun illər içməli suya həsrət idi və suyu əl ilə daşıyırdılar. İndi isə bu problem öz həllini tapıb. Yardımlı rayonunun ən ucqar dağ kəndləri olan Alar və Şıxhüseynliyə müasir tipli kabel elektrik xətti çəkdikləri üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri hörmətli Baba müəllim Rzayevə minnətdarlığımı bildirirəm. O kəndlərə 50 il bundan qabaq elektrik xətləri çəkilmişdi, ancaq bərbad halda idi, “Azərişıq” bunu gördü. Hesab edirəm ki, “Azərişıq”ın ən ucqar kənddə bunu görməsi rayon mərkəzində də görməsinə imkan yaradacaq.
Hörmətli cənab Sədr, bir neçə məsələni də vacib hesab edirəm. Birinci, hesab edirəm ki, biz bütün ölkə miqyasında geniş şəkildə özəlləşdirməyə getməliyik, çünki indiki şəraitdə bu çox vacibdir. Özəlləşdirməyə getsək, həm dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq, həm də mülkiyyətçilərimizin sayı artacaq. Bunu mən faydalı hesab edirəm. İkinci, fikrimcə, iqtisadi inkişaf nazirimiz yeni bazarlar axtarılıb tapılması sahəsində cənab Prezidentimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün ciddi səylər etməlidir.
Nəhayət, elm və təhsil sahəsində əməyin qiymətləndirilməsində mütləq rəqabəti daha geniş şəkildə tətbiq etməliyik. O zaman elmimiz xaricə daha geniş şəkildə çıxa bilər. Hökumətin hesabatına səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət nümayəndələri və media mənsubları! Hamınızı salamlayıram, qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu Novruz xalqımız üçün və hər bir vətəndaşımız üçün düşərli olsun.
2016-cı ilin yekunlarına həsr olunmuş hesabata dair həm parlament Sədrinin açıqlamaları, həm də Baş nazirin təqdimatı göstərdi ki, 2016-cı ildə yaranmış vəziyyətdən çıxmaqdan ötrü xeyli iş görülüb. Bu, əsasən, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər, islahat xarakterli qanunvericilik sənədlərinin, fərmanlarının qəbul edilməsi, hökumətin öz üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirməsi və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində işlərin sürətləndirilməsində daha aydın şəkildə nəzərə çarpır.
Eyni zamanda, onu da qeyd eləmək lazımdır ki, 1995-ci ildən bu yana keçən  21 il ərzində ilk dəfə Azərbaycan iqtisadiyyatı resessiyaya məruz qalıb. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən 2016-cı il üçün verilən proqnozlarda ötən il 2,5– 2,6 dəfə artım olacağı proqnozlaşdırılmışdı. Azərbaycan hökuməti bir qədər ehtiyatlı proqnoz götürərək bunu 1,8 faiz artım kimi göstərmişdi. Amma çox təəssüflər olsun ki, ötən il Azərbaycanda 3,1 faiz enmə oldu. Bu da aşağı-yuxarı, haradasa 1,8 milyard manatlıq yeni əlavə dəyərin itirilməsi deməkdir. Həmin əlavə dəyərin yerini doldurmaqdan ötrü əgər Azərbaycan hökumətinin  2017-ci ildə 1 faiz, 2018-ci ildə isə 1,8 faiz artım proqnozlarından çıxış eləsək, elə həmin 2017–2018-ci illəri bütövlükdə 2016-cı ilin itkilərinin yerini doldurmağa sərf eləmək lazımdır. Hesab edirəm ki, bunu korrektə eləmək lazımdır. Ona görə ki, Azərbaycanın kifayət qədər potensialı var, mən həmin potensialı əyani formada çıxış yolları kontekstində göstərmək üçün cənab Baş nazirin çıxışının sonunda qeyd etdiyi məqamla inkişaf etdirmək istəyirəm.
Bu ilin yanvar ayında Nazirlər Kabinetinin iclasında 2016-cı ilin yekunları müzakirə olunan zaman Azərbaycan Prezidenti 2017-ci ildə və qarşıda duran yeni növbəti illərdə görüləcək işlər barədə əsas istiqamətləri göstərdi. Kifayət qədər dəqiq göstərilən istiqamətlərdir. Sadəcə, həmin istiqamətləri vaxtında, sürətlə və yüksək keyfiyyətlə yerinə yetirmək mümkün olsa, – hökumətin 2017–2020-ci illər üçün rəsmi proqnozlarında göstərilib ki, orta illik artım 1,9 faiz olacaq, – tam əminliklə deyirəm, həmin 8 istiqamət layiqincə yerinə yetirilsə, Azərbaycanda iqtisadi artım 4–5 faizə, sonra isə ondan da yuxarı qalxacaq. Bu isə o deməkdir ki, əgər hökumətin proqnozları yerinə yetirilirsə, bu, sadəcə, artımdır. Çünki əhali Azərbaycanda 1,2–1,3 faiz artdığına görə, 2 faizlik artım bizə sərf eləmir. Ancaq əgər mənim qeyd elədiyim 5,6 faiz artıma getsə, bu artıq inkişafdır. Ona görə Azərbaycan Prezidentinin 2016-cı ilin yekunlarına həsr olunmuş müşavirədə göstərdiyi istiqamətləri normal surətdə, vaxtında yerinə yetirməklə artımdan inkişafa çıxmaq üçün xeyli dərəcədə imkanlar var və bunu həyata keçirmək çox vacibdir. Bundan ötrü bir neçə istiqamətdə fikirlərimi qeyd etmək istəyirəm.
İlk növbədə Azərbaycan hökuməti axır ki, görülən işlərin normal formada əhaliyə çatdırılması istiqamətində işləri genişləndirməlidir, çünki islahatlardan söhbət gedirsə, islahatlar xalq tərəfindən dəstəklənməlidir ki, həm onun vüsəti artsın, həm də səmərəliliyi yüksək olsun. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, nə qədər qəribə görünsə də, Azərbaycanda Rusiyanın biznes kanalı formasında İctimai Televiziyada bir kanalın yaradılması, yaxud biznes televiziya formasında bir kanalın yaradılması çox vacibdir. İnsanlar bilməlidirlər ki, işdən çıxandan sonra  Azərbaycan iqtisadiyyatında gedən proseslər və Azərbaycan əhalisinin xeyrinə qəbul edilmiş qərarlar və onların gözləntiləri hansı istiqamətdə gedəcək və bunların da yaxşı analitik təhlilləri olsa, hesab edirəm ki, xalq tərəfindən yaxşı qarşılanacaq və xeyli dərəcədə proseslərə müsbət yön verəcək.
İkinci, islahatların  yürüməsi üçün ən ciddi məsələlərdən biri qənaət rejiminin həyata keçirilməsi dairəsinin genişləndirilməsidir. Hesab edirəm ki, bu, pensiyaçıların timsalında deyil, idarəetmə sisteminin təkmilləşdirilməsi, onun kiçildilməsi, kompaktlığının və mobilliyinin artırılması istiqamətində getməlidir. Bu atılan  addımlar nəticəsində xeyli dərəcədə nazirlik ixtisar edilməli, onların birləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Bir də yeni bələdiyyə seçkilərinə indidən hazırlaşmanın içərisində mən hesab edirəm ki, bələdiyyələrə yeni funksiyaların verilməsi istiqamətində yerlərdə işlər görülməlidir. Məsələn, Bakının bir rayonu, bir şəhər, bir rayon mərkəzi, bir neçə kənd, qəsəbə götürülə bilər və pilot layihələrin həyata keçirilməsi istiqamətində addımlar atıla bilər. Yerli idarəetmənin səmərəliliyi və rəqabət mühitinin yaradılması yerlərdə potensialın xeyli dərəcədə istifadə olunmasını artıra bilər.
Digər vacib məqam ondan ibarətdir ki, Azərbaycanın özü mahiyyət etibarilə sahibkarlıqdan və biznesdən ibarətdir. Azərbaycanlı mentalitetindən daha dolğun istifadə eləmək üçün hesab edirəm ki, sahibkarlıq qarşısında duran maneələrin aradan qaldırılması istiqamətində atılan addımları daha da genişləndirmək lazımdır. Bundan ötrü azad rəqabətin, ədalətli sərbəst qiymətlərin olmasını, qanunla qadağan olunmayan bütün sahələrdə sahibkarlığa yaşıl işığın yandırılmasını, bir də hökumət sahibkara kömək eləyə bilmirsə, heç olmasa, hökumət strukturlarının sahibkarlara mane olmaması istiqamətində addımların atılmasını vacib hesab edirəm.
Yaxşı mühit yaratmaq üçün Azərbaycan hökuməti sərt pul-kredit siyasətini optimallaşdırmalıdır. Ona görə ki, il yarımdan sonra həmin sərt pul-kreditlər geri çevrilir və əskiklik verməyə başlayır. Əgər bu proses yenə də davam eləsə, ola bilər ki, bizdə manatın sabitliyi müəyyən dərəcədə müvəqqəti təmin olunsun. İnflyasiya müəyyən dərəcədə səngisin, amma bu, müvəqqəti xarakter daşıyacaq, o biri tərəfdən isə bütün dünyanın təcrübəsi var, biz emal sənayesinin ilk rüşeymlərini də vurub dağıdacağıq, bir əlimizlə Sumqayıt şəhərində pessimizmi aradan qaldırmaq üçün gözəl layihələr həyata keçirəcəyik, o biri tərəfdən isə qazın qiymətini qaldırmaqla hansısa parnik təsərrüfatlarını və sairi pis vəziyyətdə qoyacağıq. Beləliklə də eksport potensialımızı xeyli dərəcədə aşağı salacağıq. Ona görə də Azərbaycan brendlərinin stimullaşdırılması, eksport layihələrin və sairin həyata keçirilməsi istiqamətində xeyli iş görmək olar.
Digər tərəfdən isə Sumqayıtda digər sahələrdə görülən işləri mən əla qiymətləndirirəm, amma onlar 7 il vergilərdən azad olunduqlarına görə bunun regionlarda da inkişaf etdirilməsini vacib hesab edirəm. Bu istiqamətdə, məsələn, Şəkinin timsalında Şəki ipək kombinatının yenidən qurulması, onun fəaliyyətinin 3–4 aydan 12 aya çatdırılması istiqamətində addımların atılmasını vacib sayıram. Bir də ümumiyyətlə, Şəkidir, Oğuzdur, həmin regiona daxil olan bütün rayonlarda, hesab edirəm ki, yeni iş yerlərinin açılması istiqamətində işlərin görülməsi çox vacibdir. Böhran, sadəcə, istehsalın aşağı düşməsi deyil, həm də şansdır. Azərbaycanın böyük potensialı var, inanıram ki, həmin şansdan istifadə edib, qısa bir müddət ərzində yenidən inkişafın yüksək trayektoriyasına çıxacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, dəyərli həmkarlar, hörmətli media nümayəndələri! Mən də hesab edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabatı qənaətbəxşdir. Sənəd kifayət qədər əhatəlidir. Orada bütün sahələr üzrə görülən işlər yetərincə təsvir olunub. Perspektiv və vəzifələr müəyyənləşdirilib. Elmi sektorun inkişafı ilə əlaqədar tədbirlər isə xüsusi vurğulanmalıdır. O cümlədən maliyyə sektoru və pul siyasətinə əvvəlki illərdən daha çox diqqət yetirilməsini istərdim, deyilənlər barədə hörmətli Baş nazirimiz geniş və əhatəli danışdı. Ümumən hesabata nəzər saldıqda bu qənaətə gəlmək olur ki, Nazirlər Kabineti devalvasiya nəticəsində yaranmış durumun əhalinin ayrı-ayrı kateqoriyalarına mənfi təsirini aradan qaldırmaq istiqamətində fəaliyyət göstərib. Bu isə son dərəcə vacib məqamdır. Nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər də olmalıdır.
Hörmətli cənab Sədr, mən nələri demək istərdim? Birincisi, ondan başlayım ki, hörmətli həmkarlarımın Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı təklif və tövsiyələri olmuşdu. 2016-cı ilin hesabatında onların icrası barədə məlumat verilib. Yada salım ki, mən də həmin vaxt kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolunu əsas tutaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsullarının üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif etmişdim. Yenə də həmin məsələyə qayıtmaq istərdim. Çünki əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərməkdədir. Media isə həssas sahədir. KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir isə yüksək deyil, cəmi yarım milyona qədərdir. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Mən bir daha təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Hər kəsi bu təklifi dəstəkləməyə çağırıram.
İkinci diqqət yetirmək istədiyim məsələ müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi ilə əlaqədardır. Bildiyiniz kimi, bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılırdı. Deyərdim ki, kifayət qədər uğurlu aparılıb. Bunu mediada izləyirdik. Müxtəlif bölgələrdə evlərin tikilərək sahiblərinə təhvil verilməsini də görürdük. Bunu deyim ki, nazirlik tərəfindən Saatlı rayonunda da həmin kateqoriyadan olan şəxslər üçün 9 evin tikintisinə başlanılmışdı. Ötən il bəzi evlərin yalnız bünövrəsi qazıldı, bəzilərində isə bir-iki daş qaldırıldı, ümumən isə iş yarımçıq qaldı. Mövcud istiqamətdə müəyyən təmaslarım olub, orada olan mənzərə belədir ki, Maliyyə Nazirliyi evlərin inşası üçün vəsait ayırmır. Əslində, məni inşa prosesinin hansı duruma görə dayanması o qədər də maraqlandırmır. İstəyərdim ki, məsələyə həssas yanaşılsın. Əgər evlər tikiləcəksə tikilsin, xeyr, tikilməyəcəksə, bu barədə məlumat verilsin. Təsəvvür edin ki, hazırda 9 ailə bilmir ki, həmin evlər tikiləcək, ya yox. Bunlar yalnız ümid edirlər. Bəlkə doğrudan da, həmin ailələr üçün evin inşasının təxirə salınmasına əsas olan ciddi səbəblər var. Bu barədə həmin ailələrə məlumat verilməlidir və məsələyə aydınlıq gətirilməlidir.
Diqqət yetirmək istədiyim üçüncü məsələ tibb sahəsi ilə bağlıdır. Ümumən, ölkəmizin bir çox bölgələrində müasir xəstəxana və diaqnostika mərkəzləri fəaliyyət göstərir. Ancaq təsəvvür edin ki, deputatı olduğum Saatlı rayonu üzrə 60 ali təhsilli həkim və 100-ə yaxın tibb bacısı yeri boşdur. Bu rəqəmlər çox düşündürücüdür. Məndə olan məlumata görə başqa yerlərdə də, demək olar ki, oxşar mənzərə müşahidə edilməkdədir. Təsəvvür edin ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı şöbəsinə burun, boğaz, qulaq həkimləri kənardan gətirilir. Vəziyyət belə davam etsə, 10–20 il sonra nələrin baş verəcəyini düşünmək, sadəcə, qorxuncdur. Hesab edirəm ki, Azərbaycan hökuməti məsələyə xüsusi diqqət yetirməlidir, hansısa stimullaşdırıcı tədbirlər görülməlidir. Torpaq və digər imtiyazların tətbiqi də nəzərdən keçirilə bilər. Tibb təhsili verən ali məktəblərdə dövlət hesabına təhsil alan tələbələr var. İlk növbədə onları bölgələrə yönəltmək lazımdır. Dövlət hesabına təhsil alıblarsa, dövlət üçün vacib missiyanı da yerinə yetirməlidirlər. Ancaq əlbəttə, dövlət kimisə hansısa uzaq kəndə ambulator məntəqəyə acından ölmək üçün göndərməməlidir. Yenə də deyirəm, hansısa stimullaşdırıcı tədbirlər tətbiq edilməli, yüksək əmək haqqı olmalıdır.
Hörmətli deputatlar, daha bir məsələyə diqqətinizi çəkmək istərdim. Bilirsiniz ki, postsovet dövründə yaşayırıq. Bu dövr ölkəmizin qarşısında yeni vəzifələr müəyyənləşdirir. İlk növbədə ənənəvi sahələrin rentabelliyini artırmalıyıq. Belə sahələrdən biri də kənd təsərrüfatıdır. Dövlətimiz sahənin inkişafına böyük önəm verir. Xaricdən avadanlıqlar alırıq. Ancaq bu yetərlidirmi? Mən yenə də deputatı olduğum Saatlı rayonunun timsalında bir məsələyə diqqəti çəkmək istəyirəm. Məlum olduğu kimi, Saatlı aqrar rayondur. Kənd təsərrüfatının bir sıra sahələri bu rayon üçün ənənəvi sayılır. Yəqin, elə buna görədir ki, orada nə vaxtsa peşə liseyi yaratmaq ideyası irəli sürülüb və yaradılıbdır. Ancaq bu gün o lisey necə fəaliyyət göstərir, ümumiyyətlə, bunun fəaliyyətindən danışmağa dəyərmi? Əslində, bu təhsil müəssisəsi kənd təsərrüfatı üçün kadrlar hazırlamalıdır. Ancaq liseyin yalnız adı var, özü bərbad vəziyyətdədir. Sözüm ondadır ki, biz əgər kənd təsərrüfatının inkişafından danışırıqsa, məsələyə kompleks yanaşmalıyıq. Deməli, təhsil məsələsinə fundamental yanaşılmalıdır. Xaricdən müasir kombaynlar, traktorlar və digər texnikalar alırıq. Bizə müasir texnikadan anlayışı olan traktorçu, kombaynçı, mexaniklər lazımdır. Mən Azərbaycan hökumətini bu məsələyə də diqqət yetirməyə çağırıram. Hökumətə daxil olan müvafiq qurumlar həssas olmalıdırlar.
Nəhayət, diqqət yetirmək istədiyim sonuncu məsələ də əsas kənd təsərrüfatı ilə bağlıdır. Saatlı rayonu da Muğanın digər torpaqları kimi susuzluqdan əziyyət çəkir. Əlbəttə, rayonda suvarma, kollektor – drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Hesabatda da bu barədə müvafiq qeydlər ətraflı əksini tapıb. Burada sadalayıb vaxtınızı almaq istəməzdim, həqiqətən də, həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq mən bir təklif irəli sürmək istərdim. Suvarma işlərini gücləndirmək üçün Kür çayının imkanlarından daha çox istifadə edilməsinə ehtiyac var. Bu məqsədlə Kürdən yeni su kanalı çəkilməlidir. Mən rayon rəhbərliyi ilə mövcud istiqamətdə müəyyən məsləhətləşmələr aparmışam. Təxminən 17–18 kilometr uzunluğunda kanalın çəkilməsi suvarma işinin daha səmərəli qurulmasını təmin edər. Bu isə şübhəsiz, məhsuldarlığı artıracaq. İstərdim ki, Azərbaycan hökuməti 2017-ci ildə bu məsələyə də həssas yanaşsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli Artur müəllim, dəyərli hökumət üzvləri və deputat həmkarlarım! Hər il olduğu kimi, bu il də hökumətin hesabatı çox sanballı kitab şəklində bizə paylanmış və burada ölkədə aparılan işlər, uğurlarımız öz əksini tapmışdır. İndicə biz dəyərli Artur müəllimin hesabatını dinlədik və bu hesabatda da bizi sevindirən rəqəmlər səsləndi, eyni zamanda, bizim görəcəyimiz  işlərin bəzi məqamlarına toxunuldu. 2016-cı il düşündüyüm kimi, Azərbaycan dövlətçiliyi tarixində islahatların idarəetmə qolundakı struktur dəyişiklikləri ilə yaddaşlarda qalacaqdır. Burada sosial-siyasi və sosial müdafiə sahəsindəki yeniliklər daha çox diqqəti cəlb edir.
Bir məsələni də yada salmaq istəyirəm ki, ötən il bildiyimiz kimi, xalq-prezident birliyinə dəlalət edən referendum keçirildi. Bu referendumda da Azərbaycanda yeni bir idarəetmə strukturunda əlavələr oldu. Vitse-prezident institutu yaradıldı və çox sevindirici haldır ki, Birinci vitse-prezident postuna bizim çox hörmətli deputat həmkarımız Mehriban xanım Əliyeva təyin edildi. Eyni zamanda, digər struktur dəyişiklikləri də oldu ki, bunlardan biri də Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsi, digəri isə əhalinin yaşam şəraitinin yaxşılaşdırılması ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasıdır, Tibbi Sığorta Agentliyinin fəaliyyətə başlamasıdır və bu qəbildən olan xeyli digər tədbirlərdir. Onu da vurğulamaq istəyirəm ki, maliyyə-bank sistemində vergi və gömrük orqanlarının idarəetməsində əsaslı struktur dəyişiklikləri baş verdi.
Bir məsələni də yada salmaq istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı da yeni bir struktur müəyyənləşdirildi, bu da elektron hökumət elementləridir. Beləliklə, bu məqamda məmur-vətəndaş təması, demək olar ki, sıfıra enir. Yeniliklərdən biri Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara xidmətinin təkmilləşdirilməsi və sadələşdirilməsi yönündə aparılan islahatlardır. Komitə əməkdaşlarının bürokratik əngəllərə son qoyaraq vətəndaşın birbaşa ünvanına gedib onun mülkiyyətini sənədləşdirməsi cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Digər bir yenilik isə ötən ilin 7 aprel tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin özünüməşğulluqla bağlı sərəncamı olmuşdur. Bu sərəncama əsasən 6 milyon manat maliyyə vəsaiti ayrıldı və bununla bağlı dövlət strukturunda dəyişikliklər nəticəsində məşğulluq xidmətində ştatların sayı iki dəfə artdı, faydalı iş əmsalı yüksəldi. Təkcə ötən il 1800-ə yaxın ailə bundan istifadə etməyə başladı. Ölkə başçısının çıxışlarında daim səsləndirdiyi kimi, sosial müdafiənin baş prinsipi, əsas məqsədi əhalinin məşğulluğudur. Bunun üçün isə vasitə kimi kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi çox vacibdir. Daxili və xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması məqsədi ilə respublikamızda xeyli imtiyaz müəyyənləşdirilmiş, əmək tutumlu iş yerləri yaradılmış, kənd təsərrüfatı və turizmin inkişafı prioritet kimi önə çəkilmişdir. Ötən ilin iyulunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə “ASAN viza” sisteminin, Prezident yanında Turizm Şurasının yaradılması ölkəmizə turist axınını xeyli canlandırmış, bu da nəticədə minlərlə əlavə iş yerinin açılmasına xidmət etmişdir.
Hökumətin 2016-cı ildə əldə olunan uğurları danılmazdır, təqdirəlayiqdir. Məhz həmkarlarımızın çıxışlarında da bu həqiqətlər dəfələrlə vurğulanmış, çox yüksək qiymətləndirilmişdir. Bütün söylənilən müsbət fikirlərlə yanaşı, diqqətinizi müşahidə etdiyim bir neçə nöqsana yönəltmək istəyirəm. Qeyri-neft bölümünün inkişafı, orta və kiçik sahibkarlığa dövlət dəstəyi məqsədi ilə ötən il onlarla fərman, sərəncam və direktiv sənəd imzalanmışdır. Çox təəssüf ki, bütün bunlara baxmayaraq, icra strukturlarında bürokratik əngəllər, biganəlik, süründürməçilik halları hələ də davam edir. İnanın ki, bu, gözdən yayınmır, adamlarımızın gözlədiyinin əksinə olur. Belə olan halda da, əlbəttə, çox təəssüf ki, bizim o kiçik sahibkarlıq inkişaf etmir. Bəzi hallarda elə qundaqda da boğulur, heç bir addım da ata bilmir. Buna görə düşünürəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Mən üzümü bizim icra orqanlarının nümayəndələrinə tutub demək istəyirəm ki, xalqımız bu sahədə çox böyük dəyişikliklər gözləyir. Çox təəssüf ki, həmin dediyim nöqsanlar burada bu gün də var.
Digər bir məsələ. Məndə olan məlumata görə, Oqtay müəllim, Novruz bayramı günlərində təkcə İrandan Azərbaycana təqribən 500 avtobus turist gələcək. Təsəvvür edin ki, nədənsə Azərbaycanın gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfdə sərhəd və keçid məntəqələrində birnövbəli 8 saatlıq iş vaxtı müəyyənləşdirilibdir və Azərbaycan tərəfi də məcburdur ki, bu iş vaxtına əməl etsin. Belə olan halda təsəvvür edin, görün, o gömrük məntəqəsində nə cür vəziyyət yaranacaq. Avtobusdan tökülən 300–500 adam günlərlə orada çox pis vəziyyətdə qalacaq və beləliklə, ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turist ilk andan çox pis təəssüratla rastlaşacaq. Düşünürəm ki, məsələnin həlli üçün Azərbaycan Respublikası hökumətinin qonşu dövlətin müvafiq qurumları ilə operativ tədbirlər görməsi hər iki tərəf üçün çox faydalı olardı.
Başqa bir məsələ. Mən daim hökumətin bu sahədəki işini yüksək qiymətləndirmişəm. Parlamentdə səslənən fikirlərə çox diqqətlə yanaşılır. Mənim də keçən il Bakı–Astara yolu ilə bağlı etdiyim çıxışda tənqidi fikirlərim olmuşdu, səsləndirmişdim ki, yolun hazır olan hissəsini nədənsə istifadəyə vermirlər. Mən indi hesabatda oxuyuram ki, bu hazır olan hissənin 2017-ci ilin ikinci rübünün sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Mən, düzü, həmin  strukturun ölkədə gördüyü işləri çox yüksək qiymətləndirirəm. Orada bu gün çox ciddi fəaliyyət var. Mən çox ümidlə yanaşıram ki, o yolun həmin hazır olan hissəsi, inşallah, deyilən vaxtda istifadəyə veriləcək. Nəyə görə bunu səsləndirirəm? Təsəvvür edin ki, Bakı–Astara yolunun yarıdan çoxu elə bərbad vəziyyətdədir ki, nəinki xarici turisti ora buraxmaq olmaz, heç ölkə vətəndaşı oradan hərəkət edə bilməz. Buna görə də mən hesab edirəm ki, bu çox önəmli bir məsələdir.
Oqtay müəllim, biz icra orqanları ilə parlament münasibətlərini daim qiymətləndiririk. Mən onu qeyd etmək istəyirəm ki, biz bizimlə çalışan icra strukturları ilə birgə əməkdaşlıqdayıq və Turizm haqqında qanun Sizin bildiyiniz kimi, artıq iki ilə yaxındır ki, bizdə müzakirə olunur. Biz onun üzərində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə çalışırıq. Çox böyük iş görülüb və sağ olun ki, Siz də onu iş planına salmısınız. Hesab edirəm ki, ölkə üçün çox vacib olan sənəd bu yaxınlarda parlamentin iclasına çıxarılacaq və mənim deputat həmkarlarım bunu qəbul edəcəklər. Fürsətdən istifadə edərək burada iştirak edən yoldaşları və eyni zamanda, xalqımızı gözəl bayramlar münasibəti ilə təbrik edirəm, bütövlükdə hökumətin hesabatını qənaətbəxş hesab edirəm və düşünürəm ki, ona səs vermək olar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri, millət vəkilləri və media nümayəndələri! Keçən il ölkə Prezidentinin rəhbərliyi altında hökumətimiz yüksək peşəkarlıq nümayiş etdirərək qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün böyük səylər göstərmişdir. Əlbəttə, problemlərimiz və çətinliklərimiz var, bu da etiraf olunmalıdır, lakin bütün bunlar dünyada baş vermiş böyük kataklizmlərdən, iqtisadi böhranın məntiqindən doğan çətinliklərdir.
Ötən il sosial proqramların yerinə yetirilməsi sahəsində qarşıya qoyulan vəzifələr yerinə yetirilmiş, infrastruktur layihələr həyata keçirilmiş, dəmir yolunda, su, elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilmiş, kənd təsərrüfatında, informasiya texnologiyasında və turizmdə inkişaf ənənəsi qorunub saxlanılmışdır. Bank sistemində ciddi problemlərin olmasına baxmayaraq, ölkənin maliyyə sisteminin dayanıqlığını təmin etmək, bankların sağlamlaşdırılması prosesini həyata keçirmək üçün Maliyyə Nazirliyi, eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası öz fəaliyyətini sağlam prinsiplər üzərində qurmağı bacarmışdır. Keçən il İqtisadi İnkişaf Nazirliyinin ən müxtəlif səviyyədə həyata keçirmiş olduğu tədbirlər diqqətdən yayınmamışdır və düşünürəm ki, bu nazirlik də ötən il yaranmış olan çətin vəziyyətdən sığortalanmaq üçün peşəkarlıq nümayiş etdirə bilmişdir. Silahlı qüvvələrimizin, müdafiə sistemimizin möhkəmləndirilməsi, mən düşünürəm ki, ötən ilin ən uğurlu yekunu kimi dəyərləndirilməli və qiymətləndirilməlidir. Hüquq müdafiə qurumları öz üzərlərinə düşən vəzifələri həyata keçirə bilmiş, təhsil və səhiyyə sahəsində islahatlar davamlı xarakter daşımışdır. Bütün bunlarla bərabər bir sıra təkliflərimi də diqqətinizə çatdırmaq istərdim.
Qeyri-neft sektorunun inkişafına diqqət bundan sonra daha da artırılmalı, bu da özünü konkret əməldə daha qabarıq şəkildə göstərməlidir. Bəlli olduğu kimi, qeyri-neft sektorunda xüsusi çəkisi böyük olan kənd təsərrüfatının inkişafını Kənd Təsərrüfatı  Nazirliyinin üzərinə yıxmaqla kifayətlənməli deyilik. Məncə, onun imkanından istifadə etməklə o inkişafı yüksək səviyyəyə qaldırmaq üçün maliyyə və iqtisadi sektorun bütün potensialı səfərbərliyə alınmalı və bu istiqamətə yönəldilməlidir. Mənə belə gəlir ki, aqrar sektorun inkişafında ən mühüm təcrübəni biz qonşu Türkiyədən götürməklə, onun müsbət tərəflərini tətbiq etməklə çox böyük uğurlara imza ata bilərik. 
Kənd təsərrüfatının inkişafında bildiyimiz qədər meliorasiyanın da böyük rolu var. Xüsusi olaraq Azərbaycanda buna böyük ehtiyac var. Düzdür, hökumətimiz bu sahənin inkişafı üçün müəyyən işlər görmüşdür, lakin bu sahənin  daha çox inkişaf etdirilməsinə və maliyyənin artırılmasına diqqət yetirilməlidir. Hər kəsə bəllidir ki, bu gün bazarlar od tutub yanır. Ərzaq və qeyri-ərzaq məhsullarının, eyni zamanda, tikinti materiallarının qiyməti getdikcə artır. Ətin və ərzaq məhsullarının qiyməti durmadan yüksəlməkdədir. Mən hökumətdən çox xahiş edərdim ki,  bu qiymət artımının davamlı olmasının qarşısını almaq, yaranmış vəziyyətdən istifadə edən möhtəkirlərin bu fəaliyyətinə son qoymaq üçün təcili və ciddi tədbirlər görsünlər. Məncə, bu, qarşıda duran ən mühüm vəzifələrdən biridir.
Burada söylənildi, əlbəttə, ölkəmizin inkişafında, ümumiyyətlə, dövlətçiliyin qorunub saxlanmasında və möhkəmlənməsində “qızıl təbəqə” deyilən orta sahibkarların inkişafı son dərəcə mühüm əhəmiyyət kəsb edir. Burada da müəyyən problemlər var. Ən müxtəlif səviyyələrdə maneçiliklər törədilir, kiçik və orta sahibkarların inkişafı üçün tam yaşıl işıq yandırılmalıdır. Bunsuz ölkənin iqtisadi inkişafı, davamlı işsizliyin aradan qaldırılması mümkün deyil. Qeyri-neft sektorunun inkişafı ilə bərabər hər bir ailənin özünün maddi cəhətdən təmin edilməsinin başqa alternativi yoxdur. Ona görə də bu sahədə özünü göstərən nöqsanların, bürokratiyanın, əngəllərin, müxtəlif xoşagəlməz halların aradan qaldırılması üçün təcili, mən deyərdim ki, həm də olduqca radikal addımların atılmasına bu il daha çox ehtiyac var.
Eyni zamanda, bəlli olduğu kimi, vergi sistemində də islahatlar davamlı xarakter daşıyır və bununla bağlı Milli Məclis də bu baxımdan müzakirəmizə təqdim olunan qanun layihələrinin müzakirəsinə geniş yer ayırır və öz töhfəsini dövlətimizə verir. Həmin vergi sistemində də bu baxımdan, yəni kiçik və orta sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün düşünürəm ki, yeni yanaşmalara ehtiyac var və Vergilər Nazirliyi bizim bu xahişimizi nəzərə almalıdır.
Sonda hörmətli Baş nazirə müraciət etmək istərdim. Hörmətli Baş nazir, mən Sizinlə bir neçə dəfə görüşərək Salyan–Şirvan yolunun  yenidən qurulması ilə bağlı xahişimi diqqətinizə çatdırmışam. Həmin yol bütövlükdə ölkəmizin Cənub regionu ilə Qərb regionunu birləşdirən ən əlverişli və qısa yoldur. Bununla bərabər, həmin ərazidə yerləşən 12-dən yuxarı kəndi həm Şirvanla, həm də Azərbaycanın digər regionları ilə, eyni zamanda, Salyanla birləşdirən yeganə yoldur. Bununla bağlı ölkə Prezidentinin xüsusi sərəncamı var. Vaxtilə oraya müəyyən dərəcədə vəsait ayrılıbdır. Lakin təbii ki, ölkədə maliyyə çətinlikləri ilə bağlı bu ayrılmada müəyyən fasilələr mövcuddur. Amma buna baxmayaraq, “Azəravtoyol” Açıq Səhmdar  Cəmiyyəti öz imkanları daxilində həmin yolun işlək hala gətirilməsi üçün müəyyən addımlar ataraq işlər görməyə başlamışdır. Lakin bir neçə gün bundan öncə orada işləyən texnika “Sovetski” deyilən yerdə işlərin aparılması adı ilə oradan götürülmüş və həmin iş də yarımçıq qalmışdır. Ona görə də cənab Baş nazir, mən Sizdən xahiş edirəm ki, öz imkan və səlahiyyətlərinizdən istifadə edərək, heç olmasa, yolun əvvəlki səviyyədə bərpasını təmin etmək üçün o texnikanın ora göndərilməsi və qısa zaman kəsiyində həmin yolun nisbətən abad hala salınması üçün lazımi addımlar atasınız.
Sonda mən hökumətimizin ötənilki fəaliyyətini müsbət dəyərləndirirəm. Hökumət öz üzərinə düşən vəzifəni peşəkarlıqla həyata keçirmiş və ölkə Prezidentinin tapşırıqlarının nazirlik səviyyəsində, icra strukturları səviyyəsində yerinə yetirilməsi üçün mümkün olan addımları atmışdır. Bu baxımdan mən hökumətin fəaliyyətini müsbət qiymətləndirirəm, səs verəcəyəm və dəyərli həmkarlarıma da buna müsbət münasibət bildirmələrini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Hesabatdan göründüyü kimi, 2016-cı ildə istehsalat, ümumi daxili məhsul və digər sahələr üzrə, təəssüf ki, azalmalar olub. Bütün bunlar bizə təqdim olunan sənəddə rəqəmlərlə açıq-aşkar göstərilib və onları sadalamağa gərək yoxdur. Bu onu göstərir ki, hesabat obyektiv və prinsipial meyarlar üzrə hazırlanıb. Mən maliyyə və iqtisadi vəziyyəti doğru-dürüst göstərdiyi üçün  hesabat müəlliflərinə təşəkkürümü bildirirəm. Bütün çətinliklərə rəğmən dövlət bir sıra layihələrini, xüsusilə sosial layihələri dayandırmadı. Bu barədə hörmətli Hadi müəllim ətraflı danışdı. Bir çox vacib işlər həyata keçirildi. Bu barədə də hörmətli Artur Rasizadənin çıxışında ətraflı qeyd edildi. Ona görə də hökumətin keçən dövrdəki fəaliyyətini, əsasən, qənaətbəxş hesab edirəm. Amma bir sıra irad və təkliflərim də olacaq.
İlk əvvəl qeyd edim ki, keçən illərdə bank sistemində xoşagəlməz proseslər getdiyi üçün banklara əhali tərəfindən inam xeyli dərəcədə azaldı. Qiymətli mütəxəssislər, yəni bağlanan bankların işçiləri işsiz qaldılar. Kreditlər məsələsində əhali çox əziyyət çəkdi, insanlar öz problemlərinə görə banklarla üz-üzə tək qaldılar. Bunun nəticəsində intihar edənlər də oldu. Əhali banklarda topladığı vəsaiti kütləvi şəkildə geri götürdü. Son məlumata görə daha bir neçə bankın ləğv edilməsi və ya birləşdirilməs prosesi gözlənilir. Mənə elə gəlir ki, bu, çıxış yolu deyil. Bankların  özündə hazırda mövcud olan ən  böyük neqativ hal, məncə, kredit  faizlərinin 29–30 faizə qalxmasıdır. Təklif tələbi üstələyir. Lakin heç bir sahibkar risk edib banklardan kredit götürə bilmir. Buna görə təklif edərdim ki, banklarda kredit faizləri aşağı salınsın, kredit borclarının qaytarılmasında  əhaliyə, nəhayət, əməli köməklik göstərilsin. Çünki bu sahədə böyük bədbinlik var. İndi ən əsas məsələ Mərkəzi Bank rəhbərliyi tərəfindən bu və ya digər neqativ halları aradan qaldırmaq üçün çox ciddi və düşünülmüş siyasətin aparılması, əhalinin banklara olan etimadının bərpa edilməsidir. Prezidentimiz də öz çıxışında qeyd etdi ki, keçən il bizim iqtisadiyyatımıza ən çox ziyan gətirən bank sistemi olub. Ona görə bu sistemi düzəltmək kimi ağır məsuliyyət yenə də Mərkəzi Bank rəhbərliyinin üzərinə düşür. İndiki zamanda bu, bəlkə də ən zəif yerimizdir.
Ölkədə maliyyə böhranının olmasına baxmayaraq, digər qeyd etmək istədiyim məsələ əhalinin bəzi təbəqələrinin maaşları ilə bağlıdır. Bildiyimiz kimi, hazırda hökumət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Keçən illər ərzində hüquq mühafizə orqanı işçilərinin, hakim, prokurorluq və polis əməkdaşlarının əmək haqları əhəmiyyətli dərəcədə artırıldı. Bu tədbirlər həmin orqanlarda rüşvətxorluq və korrupsiya faktını xeyli dərəcədə azaltdı. Lakin bir sıra dövlət qulluqçularının, əsasən, aşağı pillələrdə işləyənlərin, həmçinin rayon ərazi nümayəndəliklərində, rayon icra hakimiyyətlərində çalışanların maaşları çox aşağıdır. Təsəvvür edin, 200, 250, 300 manat arasındadır. Əlbəttə, bu məbləğ bir tərəfdən onların gündəlik tələbatını ödəmək iqtidarında deyil, digər tərəfdən də korrupsiyaya yol açır. Çünki həmin işçilər insanlarla birbaşa ünsiyyətdə olan şəxslərdir. Mən bilirəm ki, maliyyə çətinliklərimiz çoxdur, lakin xahiş edərdim ki, bəzi infrastruktur layihələrin dayandırılması hesabına da olsa, bu dəyərli və dövlətçiliyə sadiq insanlar layiqli həyata imkan verən maaşlarla təmin edilsinlər ki, dövlət qulluğuna da maraq artsın.
Üçüncü məsələ səhiyyə ilə bağlıdır. Cənab nazirin də burada olmasından yararlanaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm. Belə ki, dövlət tərəfindən dərman preparatlarının qiymətləri tənzimləndikdən, qiymətləri aşağı düşdükdən sonra bir çox dərmanlar, xüsusən orijinal mallar, xaricdən gələn yüksək keyfiyyətli dərmanlar Azərbaycanda yoxa çıxdı. Onları tapmaq mümkün deyil. Ölkəmizə, əsasən, orijinal dərmanların Türkiyə, Polşa, Hindistan və sair dövlətlərdən ucuz qarışıqları və əvəzediciləri gəlir. Bəzən ən sıravi, lakin vacib olan dərmanı tapa bilmirsən. Çox xahiş edərdim ki, bu məsələ ciddi araşdırılsın, dərmanların çeşidləri genişləndirilsin, çünki bizdə dərman seçimi yenə də təkrar edirəm, çox məhduddur.
Bir məsələyə də mütləq toxunmalıyıq.  Bu da dəm qazından ölən insanların sayının xeyli artmasıdır. Təklif edərdim ki, “Azəriqaz” İstehsalat Birliyi qaz xətləri yeni qurulan evlərdə sayğacla yanaşı, dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusunu da mütləq yerləşdirsin. Artıq qaz xətti mövcud olan mənzillərdə isə bu qurğular məcburi qaydada quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq.
Digər məsələ məişət tullantılarının yığılması və təkrar emalı ilə əlaqədardır. Mən plenar iclaslarda bu barədə çıxış etmişəm. Hörmətli Əli Əhmədov və Hüseynqulu Bağırova müraciətlərim olub. Xüsusi minnətdarlığım ekologiya nazirinədir, çünki o, bu məsələdə bizə daim dəstək olur. Söhbət  məişət tullantılarının Bakı və onun ətraf rayonlarında  yığılması və daşınmasından gedir. Bakıətrafı rayonlarda, xüsusilə bağ massivlərində sahil boyunda, məsələn, Mərdəkan, Buzovna, Şüvəlan və bu kimi böyük qəsəbələrdə, həmçinin ictimai çimərliklərdə zibil  topaları yenə də qalaqlanır. Nədənsə həmin ərazilərdə zibil maşınları gözə dəymir, zibillər vaxtlı-vaxtında daşınmır. Boş olan bağ sahələri zibillənir, qanunsuz zibilxanalara çevrilir.  Hətta zibillər daşınan yerlərdə də vəziyyət ürəkaçan deyil. Bakının özündə zibil qablarının ətrafı hərdən təmizlənmir, zibil qablarının içində zibil qalır, zibil konteynerləri qapaqsız olduqlarına görə oraya milçəklər toplaşır, ətrafa üfunət iyi yayılır. Bütün bunlar turistik məkan olan Bakının imicinə ciddi zərbə vurur.
İstərdim ki, Avropa dövlətlərinin bir çoxundakı kimi, bizdə də  zibillərin müxtəlif növlərinin ayrı-ayrı qablara yığılması artıq təşkil olunsun. Bu proses başlanıb, amma çox ləng gedir. Başqa bir məsələ, biz təkrar emal məsələsi ilə ciddi məşğul olmuruq. Bir tərəfdən şüşə, butulka, banka, plastik qablar, karton qutular, qəzet və jurnallar qəbul edən məntəqələr, demək olar ki, yoxa çıxıb. Digər tərəfdən, onları təkrar emal edən müəssisələr də çox az və zəifdir. Halbuki bütün dünya həmin tullantılardan yararlanıb dövlət üçün böyük mənfəət əldə edir. Biz isə onları, sadəcə olaraq, məhv edirik. Ümid edirəm ki, bütün bu qeyd etdiyim məsələlər cidd nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcəkdir. Hökumətin hesabatına isə səs verəcəyəm. Artur müəllimə xüsusi minnətdarlığım var. Daim bizim təkliflərimizə həssas yanaşır. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Elmira xanım. Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Çox sağ olun. Elmira xanımın toxunduğu bir məsələ, dəm qazından zəhərlənmə ilə əlaqədar qısa arayış vermək istəyirəm. Dədə-babadan evlərdə odun da yandıranda mütləq baca olmalıydı. Odun olsun, kömür olsun, onlar yananda əmələ gələn zəhərləyici maddə evdən çıxmalıdır. Zəhərlənmə hallarının əksəriyyəti o halda olur ki, yaşayış evində, otaqda  havanın çıxması üçün, o məhsulların çıxması üçün bir  yer yoxdur. Ona görə əhali birinci növbədə buna diqqət yetirməlidir. Əgər kimsə evdə cihaz qoymaq istəyirsə, termometr qoymaq istəyirsə, getsin, alsın, qoysun. Yoxsa “Azəriqaz” gəlsin, indikator qoysun. Ondan sonra insan rahat olacaq ki, indikator var, deməli, rahat yata bilərəm. Birinci növbədə hər bir kəs evində yoxlasın, görsün ki, qaz sobasında yanan qazdan əmələ gələn məhsullar qırağa çıxa bilir, yoxsa yox. Çıxa bilmirsə, bilən adamlara, mütəxəssislərə müraciət etsinlər. Birinci ən önəmli tədbir budur. Xahiş edirəm, bunu nəzərə alasınız.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun, Valeh müəllim. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli Baş nazir, hökumət üzvləri, hörmətli kolleqalar! Mən də hamınızı qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Hökumətin hesabatı ilə tanış olduq. Etiraf etməliyik ki, keçən il qəbul olunmuş strateji yol xəritəsi inkişaf üçün çox ciddi şəkildə nəzəri baza rolunu oynayır və cənab Prezidentin göstərdiyi istiqamətlər üzrə görülən işlər  yaxın zamanlarda nəticələrini verəcəkdir. Burada elə tədbirlər var ki, təbii, qısa zaman ərzində nəticə verə bilər. Amma elə məsələlər də var ki, uzunmüddətlidir, yəni ən azı 1–2 il müddətində nəticə verəcək. Əsas olan odur ki, doğru bir istiqamət götürülübdür və  mən bunu təqdir edirəm.
Bu dönəmdə strateji yol xəritəsinin həyata keçirilməsi ilə bağlı olaraq etiraf etməliyəm ki, çox yaxşı çalışan nazirliklər də olubdur, çox yaxşı xidmətlər də var. Məsələn, “ASAN xidmət” nümunə olaraq göstərilir. Bəzi nazirliklər  artıq  cidd şəkildə  islahatlarla  bağlı  irəliləyişlər ediblər. Mən keçən dəfə də bunu xüsusi olaraq qeyd etdim. Bizim həmkarımız Cavid Qurbanovun müəssisə rəhbərliyinə gələndən sonra bütün sahələrdə ciddi şəkildə islahatlar aparmasını misal göstərmək mümkündür. Daxili İşlər Nazirliyində hər şöbədə 20–40 əlavə iş yeri açılıbdır. Bu,  mülki adamların, sosial təminatı aşağı olan adamların işə götürülməsi ilə bağlı  çox ciddi örnəkdir və təqdir olunmalıdır. Yəni belə hallar var, yaxşı işləyən icra başçıları da var, bu nümunələri göstərmək mümkündür. Əlbəttə, biz çatışmayan yerlərimizi də göstərməliyik, təkliflərimizi də verməliyik ki, uğurlu olsun.
Keçən il daha çox Tarif Şurasının qiymətləri qaldırması ilə bağlı yadda qaldı. Bu da dolayısı ilə və birbaşa bəzi sahələrdə bazara təsir etdi. 15 faiz civarında bahalaşma oldu. Buna görə hökumət keçən il təqaüdlər və maaşlarla bağlı müəyyən addımlar atmalı idi. Hesab edirəm ki, bu il bu məsələ nəzərə alınar. Bu məsələ paralel aparılarsa, onda narazılıq da, təbii ki, aradan qalxar. Təqaüdçülərin də məsələsi ilə bağlı son vaxtlar gələn təkliflərə baxdıq. Hesab edirəm ki, müəyyən məsələlərə baxmaq lazımdır ki, sosial cəhətdən aşağı səviyyədə olan adamlar, çətinlikləri olan insanlar narazı qalmasınlar.
İkinci məsələ problemli kreditlərlə bağlıdır. Mən keçən dəfə də çıxışımda problemli kreditlərlə bağlı bildirmişdim və hökumətə təşəkkür edirəm ki, onlar bunu aydınlaşdırmaq və şərh verməklə bağlı 15-ci maddədə müəyyən qədər yer ayırıblar. Amma mən kredit götürənlərin vəziyyətini yüngülləşdirmək üçün bir sxem təklif etmişdim. Əlbəttə, mən iqtisadçı deyiləm, amma təkrar etmək istəyirəm ki, əvvəlcə əsas borcun, sonra kredit faizinin, sonra isə cərimələrin qaytarılması ilə bağlı ən azından bir yüngülləşdirici sxem qəbul etmək lazımdır. Bu məsələ yerində dayanıb, tərpənmir. Elə etmək lazımdır ki, bu problemli kreditlərlə bağlı əhalimiz narazı qalmasın.
Etiraf etməliyik ki, keçən il yenə də Azərbaycanda qeyri-neft sektorunun inkişafı hesabına müsbət saldo əldə olunmadı. Amma mən  çıxışımın əvvəlində bildirdim ki, bir çox tədbirlər çox uğurlu şəkildə planlaşdırılıb. Hesab edirəm ki, qısa zaman ərzində bu məsələlər də sahmana düşəcəkdir və Azərbaycanda  ciddi şəkildə istehsal məsələsinin idxaldan asılılığına son qoyulacaqdır. Etiraf edək ki, çox ciddi israfçılıq vardır. Bunu bəzən ifadə etmirlər. Məsələn, mən fikirləşirəm ki,  Hesablama Palatası baxanda bu məsələləri nəzərə almalıdır. Elə nazirliklər var ki, 10 milyon manat civarında təmir işləri görürlər. 10 milyon manata 3 dənə kənd salmaq mümkündür ki, hər bir kənddə 30 dənə məktəb, infrastruktur olsun. Bu qədər vəsaiti göyə sovurmağa dəyərmi? Müharibə aparan bir dövlətik. Bir normal, əlaqəli iş yeri olması kifayət etmirmi ki, bu qədər vəsaiti göyə sovururlar, bəzi nazirliklər israfçılığa yol verirlər. Mən hesab edirəm, bu məsələ ciddi şəkildə nəzərə alınmalıdır. Struktur islahatlarında da israfçılığa yol verməmək və qənaət rejiminə keçmək üçün tədbirlər görülməlidir. Cənab Prezident bu istiqamətdə dəfələrlə göstərişlər veribdir, çağırışlar edibdir, müəyyən islahatlarla bağlı addımlar atılmasını təklif edibdir.  
Xarici siyasətlə bağlı olaraq bir məsələyə toxunmaq istəyirəm. Doğrudur, Azərbaycanın xarici işlər naziri son zamanlar çox ciddi şəkildə çalışır, doğrudan, işində irəliləyiş var. Mən təqdir edirəm. Elə bir məsələ olmayıb ki, reaksiyası olmasın. Özü də sanballı reaksiyası olmasın. Bizim xaricdə olan nümayəndələrimiz də yaxşı çalışırlar. Məsələ burasındadır ki, artıq zamanı çatıb, Xarici İşlər Nazirliyi, ümumiyyətlə, hamımız toplanaraq bu Qarabağla bağlı məsələyə köklü şəkildə yanaşmalıyıq. Yəni ATƏT-in Minsk qrupu uzun-uzadı şəkildə illərdir, süründürməçilik ilə məşğuldur. 25 ildir heç bir nəticə yoxdur. Biz BMT-nin qəbul elədiyi 4 dənə qətnamənin həyata keçməsi üçün, BMT Nizamnaməsinin 7-ci maddəsinin 47–48-ci paraqraflarının həyata keçməsi üçün toplanmalıyıq. BMT-yə mütəmadi olaraq təzyiqlər və təsirlər eləməliyik. Bəzən bizə elə gəlir ki, bu qətnamə BMT-də oturanların qarşısındadır, işləyəcəklər. Onların bəlkə də heç məsələdən xəbərləri yoxdur. Mən təklif edirəm, hökumət xüsusi bir qrup hazırlasın, bu məsələ ilə bağlı işləməsini təmin eləsin.
Ümumiyyətlə, biz müharibə ilə bağlı yeni konsepsiya həyata keçirməliyik. Ərazimizin 20 faizi işğal altındadır. Bizim vəsaitimizin böyük hissəsi, bəlkə də 80 faizdən çox hissəsi o 20 faiz ərazilərdə istehsal olunur. O ərazidən qovulmuş insanlarımız nəinki faydalı iş əmsalını ortaya qoymur, əksinə, özündən asılı olmadan yük olmağa başlayır. Ona görə də biz ərazilərimizin geri qaytarılması ilə bağlı işlər görməliyik. Düzdür, qiymətləndirmə komissiyası var, bizim hörmətli həmkarımız Xanhüseyn Kazımlı ona rəhbərlik edir, hesabları çıxarıblar. Amma biz, nəhayət, hökumətin bütün resurslarla müharibə konsepsiyasını görmək istəyirik, hökumət belə bir konsepsiyanı hazırlasın və burada müzakirəyə çıxarsın.
Əlbəttə, bizim də üzərimizə Milli Məclis olaraq bəzi məsələlər düşür. Mən təklif eləmişdim ki, daimi işləyən Qarabağ komitəsi olsun. Qanunverici və icra orqanı bir yerdə bu müharibəyə fərqli yanaşmalıyıq. Biz bəzən elə davranırıq ki, təbii, mən hamını nəzərdə tutmuram, guya hər şey bitibdir. Biz elə bu 80 faiz üzərində suverenliyimizi təmin eləməliyik, burada həyatımızı təmin eləməliyik. Bizim ən əsas məqsədimiz o torpaqları azad eləməkdir. Ona görə mən hesab edirəm ki, bu məsələnin ciddi şəkildə araşdırılması, hökumətin bu məsələni nəzərə alması əhəmiyyətlidir.
Gənclərin iş məsələsi ilə bağlı olaraq mən dəfələrlə təklif eləmişdim, bir daha təklif edirəm ki, xüsusən əsgərlikdən qayıdan gənclərimizə aşağı faizlərlə, 3 faiz civarında kreditlər verilməsi məsələsi təmin olunsun. Biz xaricdə saxlanılan vəsaitimizi bu faizlə başqa ölkələrin gənclərinə veririk. Özümüzə verməyimiz lazımdır. Kənd təsərrüfatında çalışanlara, kənddə olanlara bir az torpaq sahəsi verərək onları kəndə bağlamaq, geniş iş yerlərinin açılmasını təmin eləmək mümkündür. Açılan iş yerlərinə də sahib çıxmaq lazımdır. Məndə olan məlumata görə, İsmayıllıda velosiped zavodunun açılmasına baxmayaraq, iş dayandırılıb, həmin zavod işləmir. Orada velosipeddən başqa nə qədər əlil arabaları, başqa şeylər istehsal etmək mümkün idi. Sonra mənə dedilər, gündəlik xırdavat məhsulları istehsal edən ASC var, onun da işi dayanıb və sair. Biz sahibkarlar tərəfindən yaradılan müəssisələrə sahib çıxmalıyıq. Onlara dəstək verməyi bacarmasaq, bu çox pis nəticələrə gətirib çıxara bilər. Mən hesab edirəm ki, bu məsələ də diqqətdə saxlanmalıdır.
Bir neçə təklif vermək istəyirəm. Məcburi köçkünlər qovulduqdan sonra gəlib, təbii, öz iradələrindən asılı olmayaraq bəzi mənzilləri tutublar. İndi yeni yaşayış sahələri salınanda, mən çox xahiş edərdim ki, əvvəl zəbt olunmuş hərbçilərin mənzillərində olan köçkünlərə mənzil verilsin və həmin adamlar çıxandan sonra hərbiçilərimiz öz mənzillərində yaşamağa başlasınlar. Çoxlu belə müraciətlər var, bu hərbçilərimiz 25 il xidmətdə olublar, indi mənzillərinə qayıtmaq istəyirlər. Ömürlərinin böyük hissəsini vətənə xidmətə qoyublar və mənzilsiz qalıblar. Bu nəzərə alınmalıdır.
Üçüncü məsələ turizm ilə bağlıdır. Onun inkişafı ilə bağlı, təbii ki, müəyyən tədbirlər görülüb. Müalicəvi turizmin inkişafı üçün müəyyən tədbirlərin görülməsini təklif edirəm. Müalicəvi turizm deyəndə, məsələn, Masazır gölünün ətrafında yaxşı şəraitin yaradılması mümkündür. Palçıq vulkanlarımızdan istifadə etmək lazımdır. Yesentukiyə və başqa müxtəlif yerlərə müalicəvi əhəmiyyəti olduğu üçün gedirlər. Bizim öz imkanlarımızdan da istifadə edilməsi vacibdir.
Bütövlükdə mən hökumətin işini məqbul hesab edirəm. Belə çətin vaxtda, ərazilərimizin işğalda qaldığı bir vaxtda, dünyada böhran getdiyi bir vaxtda toparlanıb müəyyən işləri görmək təqdirəlayiq məsələdir. Prezidentin, bir daha qeyd edirəm, strateji yol xəritəsi çox normal şəkildə göstərilmiş bir istiqamətdir və mən uğurlara inanıram. Hökumətin çağırışına da, hesabatına da səs verəcəyəm. Amma bir daha fikrimin sonunda hökumətin bütün resurslarla müharibə konsepsiyasını hazırlaması və müzakirəyə çıxarmasını çox vacib məsələ hesab edirəm. Azərbaycan bütün dünyaya nümayiş etdirməlidir ki, bizim əsas məqsədimiz torpaqlarımızın azad olunmasıdır. Ya buyurun, dinc yolla azad edin, ya da bütün ölkə səfərbər olaraq bu torpaqları azad edəcəkdir. Bir daha bayram münasibəti ilə hamını təbrik edirəm və inanıram ki, hökumətimiz bu verilən təklifləri də nəzərə alaraq daha yaxşı fəaliyyət göstərəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Mən də ilk növbədə qarşıdan gələn bayram münasibəti ilə bütün insanlarımızı, xalqımızı təbrik edirəm, uğurlar arzulayıram. Hesab edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti qənaətbəxşdir və 2016-cı ildə cənab Prezidentin və Baş nazirin rəhbərliyi altında çox planlı şəkildə addımlar atılıbdır, xeyli sayda işlər görülübdür. Müəyyən islahatlar həyata keçirilibdir və o davamlı olmaqdadır. Güman edirəm ki, biz burada büdcəni müzakirə etmirik. Ona görə də, bizim buradakı çıxışlarımızda əsas məqsəd hökumətin keçənilki fəaliyyətini qiymətləndirmək və müəyyən təkliflər verməkdir ki, 2017-ci ildə bu təkliflərin həyata keçirilməsi nəticəsində vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın inkişafına, sosial sahədə islahatların həyata keçirilməsinə nail ola bilək.
Əgər nəzərə alsaq ki, dünyada baş verən hadisələr içərisində Azərbaycanda bu qədər işlər görülüb, islahatlar aparılıb, beynəlxalq münasibətlər genişləndirilib, təkcə Milli Məclis tərəfindən 2016-cı ildə həm iqtisadiyyatımızla bağlı, həm bank-kredit sistemi, həm də vergi sistemi ilə bağlı bir çox qanunlar qəbul olunub və həyata keçirilib, cənab Prezident tərəfindən yol xəritəsi irəli sürülüb və bu, mərhələ-mərhələ həyata keçirilir, regionlar sosial-iqtisadi cəhətdən inkişaf edir, abadlıq, quruculuq işləri görülür, biz qətiyyətlə deyə bilərik ki, doğrudan da, hökumət gərgin dövrdə çox yaxşı şəkildə fəaliyyət göstəribdir. Mən hesab edirəm,  gələcəkdə də bu fəaliyyətin davamı olmalıdır. Çünki başqa-başqa ölkələr ilə müqayisə edəndə, istər nefti və yaxud da təbii sərvəti olan, istərsə də olmayan, məsələn, Çin, Türkiyə, Rusiya kimi ölkələrə biz nəzər salsaq, görərik ki, orada da qiymət artımı, valyuta dəyişməsində fərqlər var. Amma burada mən hesab edirəm ki, bir məsələyə çox diqqətlə və sərt şəkildə yanaşılmalıdır. Qiymətlər, təbii ki, artır. Ancaq bunun süni şəkildə artırılmasının qarşısını almalıyıq ki, vətəndaşlarımıza ziyan dəyməsin, onlar hansısa qiymətlər ilə bağlı imtahana çəkilməsinlər.
Digər sahələrdə də uğurlarımız böyükdür. Uğurlarla bağlı fikirlər səsləndi. Mən bir neçə təklifimi qeyd etmək istərdim. Birinci növbədə kredit sistemi ilə əlaqədar mən istəyirəm təkliflərimi verim ki, gələcəkdə bu nəzərə alınsın. Yerli kommersiya banklarını götürək. Hər hansı bir sahibkarlığın inkişafı ilə bağlı, elə dövlət müəssisələrinin özləri ilə bağlı müvafiq kreditlər müəyyənləşibdir. Türkiyə də daxil olmaqla postsovet məkanlarını götürsək, bu gün ən yüksək istehlak krediti bizdədir. Əgər Mərkəzi Bank kommersiya bankına 10 faizə, 11 faizə kredit verirsə, o  bank vətəndaşa bu krediti 24–29 faiz civarında təqdim edir və təbii, bu faizlə kredit alan hər hansı bir vətəndaş kiçik və orta biznes ilə, yəni sahibkarlıqla məşğul ola bilməz.
İkinci bir tərəfdən depoziti vətəndaşdan dollarla 3 faizə götürürsə, digər vətəndaşa 24 faizə verir. Yəni təsəvvür edin, bu, tək bir vətəndaşdan 21 faiz gəlir götürməyə çalışır. 24 faizə dollarla kredit götürən hər hansı vətəndaş onu qaytarmaq məqsədi ilə götürmür. Aydındır ki, o bunu geri qaytara bilməyəcək və hansı sahə ilə məşğul olursa-olsun, bu mümkün deyil. Bu baxımdan da Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə yanaşmalıdır və hesablanmalıdır ki, vətəndaşa hansı əsasa görə bu kredit 24 faizlə verilir. 5 faiz, 6 faiz, 7 faiz qazansın, onun düşdüyü vəziyyətdən, şəraitdən istifadə edib onu soymalıdır? Dövlət qarşısında və yaxud hüquq mühafizə orqanları qarşısında asılı vəziyyətə salınmalıdır? Bax, bu məsələlər ölçülüb-biçilməlidir ki, dünyada bu təcrübə necədir, neçə faizə verilir və nə qədər faiz artırıla bilər. Yoxsa kim ağlına nə faiz gəldi, gətirib qoyur ortaya, təqdim eləyir. Mən hesab edirəm ki, bu düzgün deyil və cənab Prezidentin də qeyd elədiyi kimi, hər şey vətəndaş üçün yaradılır. Tikilən də, qurulan da, məktəb də, xəstəxana da, digər sahələrdə iş yerləri də vətəndaş üçündür. Əgər biz vətəndaşımızı qorumuruqsa, onda bunları etməyin nə mənası var və bu, kimin üçün edilir? Cənab Baş nazir, bu, doğrudan da, ciddi bir məsələdir. Bununla bağlı mən hesab edirəm ki, atılan addımlar hər halda ölçülüb-biçilməlidir. Bu, struktur islahatıdır.
Azərbaycanda 18–19 nazirlik var, komitə var, şirkət var və sair. Bir nazirlik mərkəzi regional edir, digər nazirlik rayon-rayon edir. Üçüncü tamamilə başqa mexanizm seçir. Axı, bu, bir ölkənin nazirliyi, bir ölkənin strukturudur. Əgər lazımdırsa, bunların hamısı regional olmalıdır. Lazım deyilsə, rayon-rayon olmalıdır. Burada bir təhqiqat aparılmalıdır. Yoxsa kim isə axşam yatır, səhər yuxudan durub deyir ki, mən öz strukturlarımı regional elədim, bunun təhqiqatı aparılıb? Hansı ictimai rəy öyrənilibdir ki, bunun effekti nədən ibarət olmalıdır. Bəzi hallarda görürsən ki, həmin strukturlar ləğv olunur, hər şey yenə əvvəlki qaydasında qalır. Biz ölçüb-biçib, bir strukturun olmasının səmərəliliyini yoxladıqdan sonra bu addımı ata bilərik. Çox təqdirəlayiq haldır ki, tibbi sığorta ilə əlaqədar bir pilot layihə götürülüb, bir neçə rayonda yoxlanılır, əgər özünü doğrultsa, bu o biri rayonlara da tətbiq olunacaq. Bu hansı əsasla təsdiq olunur, görəsən. Kim hansı rayonu istəyir, o rayonu mərkəz seçir. Sual olunur, bu mərkəz olduğuna görədirmi, əhalinin sayına görədirmi və ya digər rayon əhalisinin buraya gəlib-getmə imkanlarına görədirmi, xeyr. Baxırsan ki, tam fərqli nəticələrdir, bu rayon tam fərqli şəkildə seçilir, yəni mən strukturumu bu rayonda yerləşdirmək istəyirəm. Bunlar hamısı mərkəzləşdirilmiş qaydada, ciddi şəkildə qurulmalıdır və həyata keçirilməlidir ki, insanlar da bunun səmərəliliyini başa düşsünlər.
Biz bilirik ki, yerli icra hakimiyyətləri cənab Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndələrdir. İndi biz yerli icra hakimiyyətlərinin hər birindən bu səlahiyyətləri alıb mərkəzləşdiririk. Vətəndaş isə yerli icra hakimiyyətinə müraciət edir. Düzdür, cənab Prezidentin tapşırığı ilə nazirlər hər bir rayonda görüşlər keçirir, şikayətlərə nəzər salır. Amma bununla yanaşı, kimin nə işi düşürsə, birbaşa icra hakimiyyətinə gedir. Düz də edir, çünki hökumətin, dövlətin yerdə nümayəndəsi rayon icra hakimiyyətidir, oraya müraciət edilməlidir. Dövlətin təmsilçisi orada oturandır. Prezidentin səlahiyyətli nümayəndəsi odur. Biz bundan bütün səlahiyyətləri alırıq, mərkəzləşmiş qaydada müəyyənləşdiririk və bundan sonra yerli icra hakimiyyətlərində heç bir səlahiyyət qalmır, sadəcə olaraq, küçə süpürmək və yaxud bir neçə başqa işi həyata keçirirlər. Biz, əslində, müvafiq işləri də onlardan tələb edəcəyik. Amerika Birləşmiş Ştatları kimi bir dövlətdə əsas cəmi 3 strukturdur. Kənd Təsərrüfatı Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi. Yerdə qalan strukturların hamısı yerli strukturlardır və yerdəki vətəndaşların problemləri ilə məşğul olur. Ona görə də bunların hamısı ölçülüb-biçilməli və atılan addımların vətəndaşa nə qədər xeyir verəcəyi nəzərə alınmalıdır.
Bir məsələni də qeyd eləyim. Son vaxtlar müəyyən özəl sektorlar tərəfindən insanlar ixtisara salınır və yaxud da əmək haqları yarıbayarı kəsilir. Bunun da qarşısı, mən hesab edirəm, alınmalıdır. Təbii ki, Azərbaycanda azad bazar iqtisadiyyatıdır. O, strukturun qazancına uyğun qurulur. Birinci, biz o struktura şərait yaratmalıyıq. Onun vergi sisteminə baxmalıyıq ki, nə tələb edirik, nə alırıq. Digər  sistemə baxaq. Ondan da tələb eləməliyik ki, vətəndaşların hüquqlarını qorusun. Dünən bu qədər əmək haqqı alırdı, indi onun 50 faizini alır. Öz cibinə toxunmur, amma vətəndaşın cibindəkini çıxarmaqla məşğuldur. Buna da nəzarət olmalıdır. Təşəkkür edirəm və səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Oqtay müəllim, çıxış vaxtımı Arif Rəhimzadə ilə dəyişirəm.
Sədrlik edən. Çıxış vaxtını dəyişəndə əvvəlcədən xəbər edin. Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, hörmətli Baş nazir Artur müəllim, hörmətli hökumət üzvləri, müzakirə iştirakçıları! Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında əsasnamədə və Artur müəllimin çıxışında həmişə olduğu kimi, hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunmuşdur. Hökm sürən iqtisadi çətinliklərə baxmayaraq, hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində, – mən bu məsələni xüsusi qeyd eləmək istəyirəm, – öhdəsinə düşən məsələləri layiqincə yerinə yetirib və Azərbaycanın iqtisadi, sosial-siyasi inkişafına öz töhfəsini verib. Hesabatın çox nəfis formada təqdim olunması ilə bərabər xüsusi qeyd etməliyəm ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunan zaman da deputatlar tərəfindən irəli sürülmüş təkliflərə və tənqidi qeydlərə həssaslıqla yanaşılmışdı. Hesabatın bir hissəsi məhz həmin təklif və tövsiyələrin icrasına həsr olunmuşdu. Milli Məclisin təcrübəsində bu yeganə haldır və istərdim ki, digər hesabat və müzakirələr zamanı deputatlar tərəfindən irəli sürülən təklif və tövsiyələr də bu qaydada cavablandırılsın. Hesabat Nazirlər Kabinetinin yüksək səriştəliyini və peşəkarlığını nümayiş etdirir.
Yeri gəlmişkən, çoxlarına məlum olmayan bir faktı nəzərinizə çatdırmaq istəyirəm. 2015-ci ildə Nazirlər Kabinetinin binasının yenidənqurma işlərini aparmaq üçün büdcədən 8 milyon manat vəsait ayrılmışdı. Ona, həqiqətən də, ehtiyac var idi. Lakin ordumuzun uçuş heyətinin mənzil şəraitinin lazımınca olmadığını nəzərə alaraq, Artur müəllimin sərəncamı ilə həmin vəsaitlə onlara yaşayış evi tikilmişdi və hazırda onlar orada yaşayırlar, çox da razıdırlar. Hökumətin fəaliyyətində belə hal əsas yanaşma formasıdır. Buna görə hamımız hörmətli Artur müəllimə çox sağ ol deməliyik.
Fürsətdən istifadə edərək məni və seçicilərimi narahat edən bir məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm. Bildiyiniz kimi, Tarif Şurasının qərarına əsasən 2016-cı ilin noyabr ayında hüquqi şəxslərə verilən elektrik enerjisinin qiyməti artırılıbdır. Neftçala rayonunda fəaliyyət göstərən və həmin rayonun yeganə böyük bir müəssisəsi olan Yod-brom zavodunda bu məsələ çox ciddi çətinliklər yaradıb. İş burasındadır ki, bu zavod öz məhsulunu xaricə ixrac edirdi. Xaricdə yodun qiyməti 30 faizdən çox aşağı düşüb. Burada qiymətlərin artırılması elə bir hal yaradıbdır ki, zavod dayanma vəziyyətinə gəlib çıxıb. Bir sıra işçiləri hətta öz hesablarına məzuniyyətə buraxıblar. Məsələnin həlli ilə əlaqədar mən hökumətdən xahiş edərdim, köməklik etsin. Burada Tarif Şurasının qərarına əsasən o hüquqi şəxslərin ki elektrik sərfiyyatı ayda 5 milyon kilovatdan yuxarıdır, onlara müəyyən imtiyazlar verilir. Yod-brom zavodunun sərfiyyatı 3 milyon kilovata yaxındır. Xahiş edirəm, Neftçala Yod-brom zavoduna da müəyyən imtiyazlar şamil edilsin. Bu çox vacib sosial məsələdir. Ümid edirəm ki, buna həssaslıqla yanaşacaqsınız.
Sədrlik edən. Sağ olun. Naqif Həmzəyev.
N.Həmzəyev. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, cənab Əli müəllim, hörmətli deputat həmkarlarım, KİV nümayəndələri və qonaqlar, hər birinizi salamlayıram. Bizə təqdim olunan hökumətin hesabatı mənim tərəfimdən də qənaətbəxş qiymətləndiriləcək və bu hesabatın lehinə səs verəcəyəm. Nəzərinizə çatdırım ki, Gəncə şəhərində 2016-cı ildə uğurlu proseslər həyata keçirilib və möhtərəm cənab Prezidentimizin birbaşa qayğısı nəticəsində burada quruculuq-abadlıq işlərinə fasilə verilməyib. Çox sevindirici haldır ki, 2016-cı ilin 24 fevralında möhtərəm cənab Prezidentimiz tərəfindən verilmiş müvafiq sərəncama əsasən Avropa gənclər paytaxtı elan olunmuş Gəncə şəhərində silsilə tədbirlərin icrasına başlanıldı, 64 layihə nəzərdə tutulurdu, lakin 2016-cı ildə 300-dən çox yerli və beynəlxalq layihə icra olundu. Mən xüsusilə hökumətin nümayəndə heyətinə təşəkkürümü bildirirəm ki, il ərzində biz gəncəlilərin yanında oldular, bu layihə uğurla başa çatdırıldı və biz Avropaya nümunə ola biləcək səviyyədə işlərimizi həyata keçirdik.
Bütün bunlarla yanaşı, nəzərinizə çatdırım ki, Gəncə şəhərində “İmamzadə” kompleksi istifadəyə verildi, möhtərəm cənab Prezident  də birbaşa bu kompleksin açılışında iştirak etdi. Bununla yanaşı, təhsil müəssisələri – 39, 14, 41 və 44 saylı orta məktəblər də şagirdlərimizin ixtiyarına verildi. Bilirsiniz, peşə təhsilinə önəm verilməlidir və bu baxımdan da Gəncə şəhərində fəaliyyət göstərən peşə tipli təhsil müəssisələrinin yenidən qurulmasına başlanıldı və 2016-cı ildə 2 saylı peşə liseyi şagirdlərimizin ixtiyarına verildi. Cavadxan qəsəbəsində körpələr evi, uşaq bağçası tikildi, bununla yanaşı, Şıxzamanlı qəsəbəsində də 25 nömrəli körpələr evi körpələrimizin ixtiyarına verildi.
Cənab Sədr, bu işlərlə yanaşı, nəzərinizə çatdırım ki, – bilirsiniz, Gəncə həmişə “çinarlar şəhəri” adlandırılıb, – 2016-cı ildə də biz yaşıllaşdırma işlərini davam etdirmişik və sevindirici haldır ki, bu gün Gəncə şəhərinə təşrif buyuran bütün qonaqlar Gəncə şəhərini “parklar şəhəri”, “xiyabanlar şəhəri” adlandırırlar. Çox sevindirici haldır ki, Gəncə şəhərində 450 hektar sahədə salınmış Heydər Əliyev park-kompleksi buna əyani misaldır. Heydər Əliyev park-kompleksi dünyada 5 ən böyük parkdan ikincisidir. Bütün bunlarla yanaşı, nəzərinizə çatdırım ki, internetə çıxışın sadə və asan olmasını nəzərə alaraq, Gəncə şəhərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə  Wi-Fi sistemi qurulub. Bu layihənin birinci mərhələsi 2016-cı ildə başa çatdırılıb və şəhərin mərkəzində Heydər Əliyev park-kompleksində, Azərbaycan Dövlət Aqrar Universitetinin binaları ətrafında bizim şəhər sakinləri və şəhərimizin qonaqları artıq rahatlıqla internetə çıxış əldə ediblər. 2017-ci ildə də bu layihənin davamını həyata keçirəcəyik. Mən bu görülmüş işləri çox sadalaya bilərəm, ancaq dəyərli deputatlarımızın və hökumət nümayəndələrinin vaxtını çox almaq istəmirəm, ancaq xüsusilə onu qeyd edim ki, 2016-cı ildə Gəncə şəhərində çox uğurlu layihələr həyata keçirilib. Bu gün də gəncəlilər dayanmırlar, bir an da olsun işlərinə fasilə vermirlər.
Mən çox önəmli olan bəzi sosial təyinatlı obyektlərin də siyahısını nəzərinizə çatdırmaq istəyirəm ki, 2017-ci ildə bu layihələr uğurla həyata keçiriləcək. Bilirsiniz, respublikada ilk dəfə olaraq tələbə yataqxanasının yenidən tikilməsi Gəncə şəhərində baş verdi. 2016-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasının 500 tələbəlik birinci korpusu Gəncə tələbələrinin ixtiyarına verildi. Bu il də ikinci korpus bizim tələbələrin ixtiyarına veriləcək, bu da çox önəmli və arzu olunan layihələrdən biridir. Bütün bunlarla yanaşı, bizim təhsil müəssisələri, xüsusilə 4 orta məktəb bu il yenidən təmir olunub şagirdlərimizin ixtiyarına veriləcək. İki körpələr evi yenidən təmir olunacaq.
Ən önəmli məsələlərdən biri Gəncə şəhərinin mərkəzi hissəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında, Heydər Əliyev prospekti, Atatürk prospekti, Nizami prospektlərinin kəsişmələrində yağış sularının axıdılması üçün lazım olan infrastruktur layihənin həyata keçirilməsidir. Bilirsiniz ki, regionun ən böyük filarmoniyası hazırda Gəncə şəhərində tikilir və bu il istifadəyə veriləcək. Onun yaxınlığında yeni böyük otel tikilir. Həmçinin “Gəncə Mall” da  gəncəlilərin istifadəsinə veriləcək.
Dəyərli deputat həmkarlarım, nəzərinizə çatdırıram ki, Gəncə şəhərində bir an olsun, bu işlər dayanmır. Çox sevindirici haldır ki, bu il Gəncə MDB-nin mədəniyyət paytaxtı seçilib. Sabah bu layihənin açılışı olacaq. Bu layihəyə çox mötəbər qonaqlar təşrif buyurublar. Mən qısaca təkliflərimi nəzərinizə çatdırmaq istəyirəm. İnanıram ki, hökumət üzvləri bu təkliflərimizi nəzərə alacaq.
Bilirsiniz ki, Gəncə şəhəri sənaye şəhəridir. Hələ sovetlər dövründə Gəncə şəhərində toxuculuq kombinatı, fabriklər fəaliyyət göstərirdi. Gəncənin büdcəsinin 30 faizindən çoxunu xalçaçılıq kombinatı təmin edirdi. Bu gün bu fabrik öz fəaliyyətini dayandırıb. Biz çox istərdik ki, bu fabrikin fəaliyyətə başlaması üçün lazımi dəstək verək və sizin də bu məsələni diqqətdə saxlamanızı çox istəyirəm.
Keçən il hökumətin  hesabatında dəyərli deputat həmkarlarımız bu məsələni qaldırdılar. Lakin buna baxmayaraq, bu il yenidən şahidi olduq ki, Gəncə–Bakı aviareysinin fəaliyyəti dayandırıldı. Ancaq möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində yanvar ayında bu reys yenidən bərpa olundu, ancaq təəssüflər olsun ki, Gəncə–Naxçıvan reysi bərpa edilmədi. Gəlin nəzərə alaq ki, Gəncə Hava Limanı beynəlxalq statusludur, biz bu hava limanının potensialından maksimum istifadə etməliyik. Həmçinin Gəncə şəhərində çoxlu sayda Naxçıvandan olan həm tələbələr, həm də vətəndaşlar yaşayırlar. Biz onları da nəzərə almalıyıq. Unutmayaq ki, Naxçıvandan Gəncəyə gəlmək istəyən və Naxçıvandan Azərbaycanın qərb hissəsinə getmək istəyən vətəndaş mütləq Bakıya uçmalıdır, daha sonra avtomobil və ya qatarla Gəncəyə gəlməlidir. Xahiş edirəm, bu məsələni də nəzərə alaq, Gəncə–Naxçıvan reysi bərpa olunsun.
Həmçinin biz turizmin inkişafından danışırıq və bununla bağlı çox böyük layihələr həyata keçirilir. Gəncə Naftalan və Göygölə gələn qonaqları qarşılayan ilk şəhərdir və bu baxımdan çalışacağıq ki, qərb regionunda da turizmin inkişafına dəstək olaq və Gəncə Hava Limanının potensialından maksimum istifadə edə bilək. Bununla yanaşı, çox önəmli olan bir məsələ də var. Yəqin ki, çoxlarınız buna fikir vermisiniz. Xaricdən Azərbaycana təşrif buyuran qonaqlar Gəncə Hava Limanının adı qarşısında “Kvd” ifadəsini oxuyurlar. Bu, Gəncənin köhnə adı olan “Kirovabad” adı ilə bağlıdır. Təəssüflər olsun ki, bu, indiyə qədər dəyişdirilməyib. Bu, “Gəncə” adına uyğunlaşdırılmalıdır.
Bildiyiniz kimi, Azərbaycanda aqrar sahədə mütəxəssis yetişdirən yeganə universitet Azərbaycan Dövlət Aqrar Universitetidir. Mən çox istərdim ki, bu universiteti bitirən tələbələrin məşğulluq məsələləri də bizim aidiyyəti nazirliklər tərəfindən nəzərə alınsın. Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən məşğulluq mərkəzləri həmin məzunların məşğulluq məsələsi ilə ciddi məşğul olsunlar. Əks təqdirdə biz yaxın gələcəkdə yenidən xaricə baş vuraraq oradan kənd təsərrüfatı ilə əlaqədar mütəxəssisləri ölkəmizə dəvət etməli olacağıq. Halbuki Azərbaycan Dövlət Aqrar Universitetinin çox böyük potensialı var və orada bu gün kifayət qədər savadlı, bilikli kadrlar yetişdirilir. Bu universitetin təcrübə ərazilərini də artırmalıyıq. Bilirsiniz, 1990-cı illərin əvvəllərində məcburi köçkünlərin Gəncə şəhərinə gəlməsi ilə əlaqədar həmin ərazilər, çox təəssüflər olsun ki, zəbt olundu. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində, yəni tabeçiliyində həmin ərazilər yoxdur, təcrübə keçməyən tələbə isə lazımi nəticəni verə bilməz. Xahiş edirəm, bu məsələni də nəzərə alasınız. Mən, ümumiyyətlə, hökumətin hesabatını qənaətbəxş hesab edirəm və lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm,  çox sağ olun.
Sədrlik edən. Sağ olun. Artur müəllim, Gəncə üzrə hökumətin hesabatını Naqif verdi. Jalə Əliyeva, buyurun.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli həmkarlar! Nazirlər Kabinetinin müzakirə etməkdə olduğumuz hesabatı ölkəmizin daha güclü olmasını, xalqımızın daha firavan yaşamasını hədəfləyən dövlət siyasətini əks etdirir. Hesab edirik ki, ötən il də hökumətin fəaliyyəti qənaətbəxş olub.
Hamımıza məlumdur ki, son illərdə bütün dünya maliyyə böhranı yaşayır. Lakin hökumətimiz bu çətin vəziyyətdə qlobal proseslərin təzyiqi altında belə kifayət qədər müvəffəqiyyətlə fəaliyyət göstərmiş və müsbət nəticələr əldə etmişdir. Dövlət başçımızın çevik və uğurlu siyasəti, onun rəhbərliyi altında həyata keçirilən mühüm tədbirlər nəticəsində ölkəmiz ötən il də yüksələn xətlə inkişaf edib. Məhz cənab Prezidentin iradəsi ilə sosial yönümlü  layihələrin icrası yüksək səviyyədə davam etdirilib, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin qorunması istiqamətində mühüm addımlar atılıb. Ölkədə yaranmış ictimai-siyasi sabitlik, təmin edilən stabil iqtisadi siyasət, ən böyük qazancımız olan vətəndaş həmrəyliyi və milli birlik gələcəyə daha da nikbin və əminliklə baxmağımıza əsas verir. Hesabatda əldə etdiyimiz uğurlar, eyni zamanda, problemlər və eləcə də bundan sonra görüləcək işlər aydın ifadə edilmişdir. Məndən əvvəl çıxış edən deputat həmkarlarım da bu məsələlər haqqında ətraflı danışdılar. Mən də öz növbəmdə Nazirlər Kabinetinə və şəxsən hörmətli Baş nazir Artur Rasizadəyə uğurlu fəaliyyətinə görə təşəkkür etmək istəyirəm. Mən, eyni zamanda, hesabat ilində layihələri ilə xüsusi diqqət çəkən, əhəmiyyətli nailiyyətlərə imza atan bir neçə qurumun fəaliyyətini qeyd etməyi özümə borc bilirəm.
Məlumdur ki, 2015-ci il ölkədə kənd təsərrüfatı ili elan edilmişdi. Lakin ötən ildə də ölkə rəhbərliyinin bu sahəyə diqqəti ilə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələr uğurla davam etdirilmiş və müsbət nəticələr əldə olunmuşdur. Bu sahədə tətbiq edilən islahat xarakterli tədbirlər, pambıqçılığın, taxılçılığın, baramaçılığın inkişaf etdirilməsi və daha məhsuldar olması üçün görülən işlər vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Vergilər Nazirliyinin müsbət fəaliyyəti nəticəsində dövlət büdcəsinə daxilolmaların miqdarı hər ötən il daha da artmışdır. Bu sahədə həyata keçirilən bir sıra tədbirlər sayəsində xüsusilə yerli büdcənin formalaşdırılması, elektron ödəniş sisteminin tətbiqi, vergi ödəyicilərinin elektron qeydiyyatının aparılması təqdirəlayiqdir. Əhalinin sosial müdafiəsinin təşkili prosesinin təkmilləşdirilməsi, pensiyaların və ünvanlı sosial yardımların təyin edilməsinin elektronlaşdırılaraq bu sahədə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi uğurlu fəaliyyət də əhali tərəfindən məmnunluqla qarşılanır.
Fəaliyyətində şəffaflıq prinsiplərini başlıca hədəf seçən və yarandığı gündən bəri vətəndaşlara qüsursuz xidmət göstərərək onların həyatını asanlaşdıran, saat əqrəbi kimi dəqiq işləyən “ASAN xidmət” vətəndaşlar tərəfindən çox müsbət qiymətləndirilir və sözün həqiqi mənasında bu gün bütün dünyada bir Azərbaycan nümunəsi, bir Azərbaycan brendi kimi xarakterizə edilir. Fəaliyyətindən məmnunluq ifadə edilən qurumlardan biri də “Azərişıq”dır. Bu gün Azərbaycanın ən ucqar kəndində də 24 saat fasiləsiz işıq var. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ölkənin inkişafı naminə görülən işlərdə xüsusi bir imzası var. Son iki ildə 2000-dən artıq transformatorun yenidən qurulması, dəyişdirilməsi, əlbəttə ki, vətəndaşa məsuliyyətlə xidmət etməyin bariz nümunəsi və işi düzgün qurmağın nəticəsidir. Ən çətin dəqiqələrdə vətəndaşın köməyinə gələn, onu təhlükədən qurtaran qurumlardan biri də Fövqəladə Hallar Nazirliyidir. Nazirliyin xilasetmə, təcili axtarış çalışmalarının ən çevik şəkildə həyata keçirilməsi, fövqəladə halların baş verməməsi üçün öncədən tədbirlərin görülməsi, təhlükəsizliyin təmin edilməsi kimi fəaliyyəti əhali tərəfindən rəğbətlə qarşılanır.
Atalarımız “yol mədəniyyətdir” deyib. Hələ üstəlik, bu yol ölkənin sərhədlərindən kənara çıxırsa, sənin ölkəni dünyada tanıdırsa, o zaman əhəmiyyəti birə min artmış olur. Söhbət ölkəmizin dəmir yollarından gedir. Təsəvvür edin ki, bu gün böyük sürətlə tikintisi davam edən Bakı–Tbilisi–Qars dəmir yolunun inşası müvəffəqiyyətlə başa çatdıqdan sonra, Azərbaycan–İran dəmir yolları birləşdirildikdən sonra bunlar Azərbaycana nə qədər böyük dividend, uğur qazandıracaqdır. Dövlət başçımızın strateji olaraq müəyyənləşdirdiyi beynəlxalq nəqliyyat siyasətinin yerinə yetirilməsi ölkəmizin qüdrətini daha da artıracaq, yeni iş yerləri açılacaq, əhalinin rifah halı daha da yaxşılaşacaqdır. İslahatların aparılması istiqamətində gördüyü tədbirlər üçün mən dəyərli həmkarımız Cavid Qurbanovun səylərini vurğulamağı özümə borc bilirəm.
Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Mən, eyni zamanda, deputatı olduğum Zərdab–Ucar rayonları ilə bağlı bir neçə təklifimi də səsləndirmək istəyirəm. 2010-cu ildə Kür daşqını zamanı Zərdab rayonunun qəzalı vəziyyətə düşən Təzəkənd 8 illik kənd orta məktəbinin yenidən tikilməsi üçün biz müraciət etmişdik və zamanında müraciətimiz nəzərə alınaraq, bu məktəbin tikintisi plana salınmış, hətta yeni yer də ayrılmışdı. Lakin çox təəssüflər olsun ki, bu günə qədər tikinti işlərinə başlanmamışdır. Üstəlik, eyni məktəbdə ötən il yanğın baş verib və demək olar ki, məktəb tamamilə yararsız vəziyyətə düşüb. Bu məsələ ilə bağlı açıqlama verilməsini və işlərin tezliklə başladılmasını xahiş edirik. Eyni zamanda, Zərdab şəhər ümumi orta məktəbi və körpələr evi, uşaq bağçaları üçün yeni binaların tikilməsi, qəzalı vəziyyətdə olan Məlikli, Körpükənd  kənd xəstəxanaları üçün yeni binaların tikilməsi, yenicə istifadəyə verilmiş və açılışında  Prezidentimiz cənab İlham Əliyevin və birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi Mərkəzi rayon xəstəxanasında 55 nəfər müxtəlif ixtisaslı həkim çatışmazlığının aradan qaldırılması, Zərdab rayonunun Kəndəbil, Şıxbağı, Ağabağı, Nəzəralılı, Siləyli, Cilovxanlı kəndlərinə və Bəyimli qəsəbəsinə qaz xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi, Zərdab şəhəri ərazisində kanalizasiya xəttinin tikintisinə başlanılması, qəzalı vəziyyətdə olan Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi və rayon mədəniyyət evinin əsaslı təmir olunması arzuediləndir.
Eyni zamanda, deputatı olduğum Ucar rayonunun da bir neçə kəndi ilə bağlı fikirlərimi səsləndirmək istəyirəm. Bərgüşad və Lək kəndlərində bərbad vəziyyətdə olan mədəniyyət evlərinin əsaslı təmiri, kəndlərarası yolların təmiri, Lək kəndində məktəb qazanxanasının qazla təmini, Bərgüşad kəndində qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsi, həmin kənddə 1961-ci ildə çəkilmiş qəzalı vəziyyətdə olan elektrik xəttinin və dirəyinin yenilənməsi arzuediləndir və bütün bunlar vətəndaşlarımız tərəfindən görüşlərdə qaldırılan məsələlərdir.
Mən sonda bu mükəmməl sənədə səs verəcəyimi bildirirəm, hər birinizin qarşıdan gələn Novruz bayramını təbrik edir və onun dövlətimizə, xalqımıza, millətimizə xeyirli, uğurlu olmasını arzu edirəm.  Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir. 

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Müzakirələrə davam edirik. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Baş nazir, hökumət üzvləri və dəyərli həmkarlar! Mən də həm hökumətin ötənilki fəaliyyətini, həm də bununla bağlı təqdim edilən hesabatı qənaətbəxş hesab edirəm. Deyim niyə. Biz ötən ili xatırlayarkən o məqamı vurğulamalıyıq ki, ötən il postneft dövrünə keçidin əsası qoyuldu. Bu gün həm institusional, həm də struktur islahatları baş verdi və eyni zamanda da, strateji yol xəritəsi hazırlandı. Həyata keçirilən bir çox islahatlar öz nəticəsini yaxın deyil, orta perspektivdə göstərəcək. Amma biz indi də, yəni ötən ilin göstəricilərinə nəzər salanda da bunu görürük. Ümumi daxili məhsulun azalması ilə yanaşı, eyni zamanda, ticarət dövriyyəmizdə 4 milyarddan çox azalma baş verib. Bu müsbət saldonun olması məhz aparılan o islahatların göstəricisidir. Bir çox sahələrdə, o cümlədən də vergi sahəsində aparılan islahatları vurğulamaq istərdim.
Ancaq dəyərli həmkarlar, dövlətin gücü təkcə onun iqtisadi potensialı ilə ölçülmür. Bu ölçülmədiyi kimi, hökumətin fəaliyyətini qiymətləndirərkən, sadəcə, iqtisadi göstəriciyə dayanmaq, fikrimcə, düzgün olmazdı. Bu baxımdan yanaşdıqda 2016-cı il müstəqilliyimiz tarixində ən uğurlu illərdən biri kimi qalacaq. Çünki məhz bu il biz tamamilə əmin olduq ki, Azərbaycan ordusu tez bir zamanda öz torpaqlarını düşməndən azad edəcək, edir də. Elə həmin vaxt 2000 hektardan artıq torpaq azad edildi, minlərlə hektar torpaq üzərində nəzarət geri qaytarıldı. Bu proses bu gün də davam edir. İşğalçı davamlı olaraq cəbhədə itkilər verir. Ermənistanda, Ermənistanın olduğu iddia edilən torpaqlarda depopulyasiya gedir. Yenidən vətənin olacağını həsrətlə gözlədiyimiz torpaqlardan ermənilər çıxıb gedirlər. Yəni torpaqlarımız hektar-hektar, addım-addım və belə demək mümkündürsə, hətta adam-adam geri qaytarılır. 2016-cı ili həm də ona görə uğurlu hesab edirəm ki, bu il təkcə ölkəmizin hərbi, yəni sərt hücumunun deyil, həm də yumşaq gücünün qürur doğuracaq bir səviyyədə olduğunu gördük. Məlum oldu ki, Azərbaycanın yumşaq gücü və bu gücdən doğan təsir imkanları onun ümumi daxili məhsulundan və hərbi potensialından qat-qat yüksəkdir. Bu baxımdan dünyada Azərbaycan ilə müqayisə edilə biləcək cəmisi iki-üç dövlət ola, yaxud da olmaya. Bu isə ancaq və ancaq zərgər dəqiqliyi ilə düşünülmüş müdrik siyasət nəticəsində mümkün olmuşdur ki, biz bunu Azərbaycanın gerçəkləşdirdiyi vasitəçilik missiyasında da gördük.
Türkiyə səmasında Rusiya təyyarəsinin vurulmasından sonra iki dövlət arasında yaranan gərginlik və onun az qala düşmənçilik həddinə gedib çıxmasının qarşısının alınmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin mühüm rol oynadığını hər iki dövlətin təmsilçilərinin dilindən eşitmişik. Məhz Azərbaycanın təşəbbüsü ilə yenə regionun iki böyük dövləti olan Rusiya və İranın prezidentləri Bakıya gəldilər. Burada “Şimal-Cənub” beynəlxalq dəmir yolu layihəsi reallaşdırıldı ki, Amerikanın aparıcı analitiklərindən olan Pol Qobl bunu bizim əsrin ən önəmli geostrateji layihəsi kimi, ermənilər isə özlərinin tranzit ölkə perspektivinə vurulan sonuncu zərbə kimi qiymətləndirdilər. Məhz yumşaq güc göstəricisi budur. Yeri gəlmişkən, dəmiryol layihələrindən danışarkən onu da qeyd etməliyəm ki, ötən il biz burada dövlətin bütün strukturlarının koordinasiyalı fəaliyyətini və əgər söhbət dəmir yolu idarəsindən gedirsə, həm də təşəbbüskar və prinsipial fəaliyyətini gördük ki, bu da olduqca mühümdür. Demək olar ki, biz İranın, Ukraynanın və digər ölkələrin irəli sürdükləri nəqliyyat dəhlizi layihələrində iştirak edərək nəqliyyat potensialımızın faydalanması üçün çox uğurlu şəkildə addımlar atırıq.
Ötən il bizim ən böyük uğurlarımızdan biri bu mürəkkəb və təhlükəli bir dövrdə heç kimin terror təhlükələrindən sığortalanmadığı bir vaxtda sabitliyin, əmin-amanlığın qorunub saxlanmasıdır. Təhlükəsizliyimizi təhdid edən element və ünsürlərin aradan qaldırılması üçün görülən tədbirlərdən danışarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin koordinasiyalı fəaliyyətlərini, hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyatları, özəlliklə də Dövlət Təhlükəsizlik Xidmətinin barışmaz və qətiyyətli davranışını vurğulamaq istərdim. Məhz atılan bu addımlar nəticəsində bəlli dövlətlərin kəşfiyyatlarının himayədarlığı altında fəaliyyət göstərən Yaxın Şərqdəki terror şəbəkələrinə qoşulanların sayı əhəmiyyətli dərəcədə azalıb.
Bir neçə kəlmə də öz rayonumuz haqqında danışmaq istəyirəm. Ötən il cənab Prezident iki dəfə Tərtərdə oldu. Birinci dəfə o, hələ döyüşlərin səngimədiyi bir vaxtda, təhlükəli məqamda birinci xanımla Tərtərə gələrək cəbhənin cəmisi 200 metrliyindəki Qapanlı kəndinə baş çəkdi. Cənab Prezident o zaman dəymiş ziyanın aradan qaldırılması üçün öz fondundan 3 milyon vəsait ayırdı ki, buna görə biz ona təşəkkür edirik. Sonra, dekabrın 6-da yenə gələrək görülən işlərin nəticəsini yoxladı. Məhz onun diqqəti və qayğısı nəticəsində Tərtərdə qazlaşma 97 faiz səviyyəsindədir. Biz ümid edirik ki, bu il 100 faizə çatacaq. Ona da ümid edirik ki, keçən il baş verməsini arzuladığımız yeni məktəb tikintisi və son dərəcə yarıtmaz vəziyyətdə olan bir sıra məktəblərin, uşaq xəstəxanasının təmiri bu il baş tutacaq, həkim çatışmazlığı aradan qalxacaq. Tərtərdə həkim çatışmazlığı həm də oranın, deyək ki, təhlükəsizlik məsələsidir. Çünki bura cəbhə bölgəsidir və buradakı hər bir xəstəxana istənilən halda hərbi hospital rolunu da oynaya bilər.
Burada bir məsələni də demək istəyirəm ki, bu il Tər-tərin yetirməsi olan Azərbaycanın ilk daxili işlər naziri Behbud ağa Cavanşirin 170 illiyi tamam olur. O, bildiyimiz kimi, erməni terroru nəticəsində Tiflisdə qətlə yetirilib. Behbud ağa Almaniyada Frayburq Universitetini bitirib. Hökumətin uyğun strukturlarından xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasınlar. Bəlkə biz onun xatirə lövhəsini qurtardığı universitetin divarında asaq, bunun üçün müəyyən işlər görülsün və orada onun necə öldürüldüyü də vurğulansın ki, islam terroru deyənlər, islamçı terroristlər deyənlər və terroru islama bağlayanlar görsünlər ki, əslində, əsl terror törədənlər kimlərdir.
Sonda cənab Prezident başda olmaqla bu komandanı qarşıdan gələn bayram münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Arzum budur ki, ən yaxın zamanlarda Cocuq Mərcanlıda olduğu kimi, hazırda işğal altındakı digər torpaqlarımızda da quruculuq işləri aparılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Sədr. Hörmətli Oqtay müəllim, hörmətli Baş nazir və hökumət nümayəndələri, eyni zamanda, həmkarlarım! Bir növ bu deputatlıq fəaliyyətimizdə hər ilin mart ayında Azərbaycan hökumətinin hesabatının dinlənilməsi, müzakirəsi bir ənənəyə çevrilib və bu gün də həmin ənənə davam etdirilir. Hökumətin hazırladığı bu hesabatda, demək olar ki, Azərbaycan cəmiyyətinin bütün sahələri, ayrı-ayrı sektorlar, bölmələr əhatə olunub. Burada ən önəmli bölmələrdən biri istehsal sahələrinin metallurgiya bölməsidir. Keçmişdə bizdə belə bir fikir formalaşmışdı ki, ən çox polad əridən dövlət, polad istehsal edən dövlət ən güclü dövlətdir. Bu sahəyə də, göründüyü kimi, cənab Prezidentin başçılığı altında Nazirlər Kabineti tərəfindən mühüm bir yer ayrılır. Bundan başqa, mənim təmsil olunduğum rayon məcburi köçkün və qaçqınlardan ibarətdir. Onu da qeyd etməliyəm ki, onların sosial müdafiələri daim cənab Prezidentin diqqət mərkəzindədir.
Elə bu yaxınlarda, bir neçə gün bundan öncə Biləsuvar rayonu ərazisində yerləşmiş cəbrayıllı məcburi köçkünlər üçün 22 min insanın yaşayacağı 11 qəsəbədə qaz xətti çəkilişinin açılışı elə buna bariz bir nümunədir. Digər tərəfdən isə möhtərəm cənab Prezidentin sərəncamı ilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin ərazisində 50 ailəlik evlərin tikilməsinin vəsaiti də, bilirsiniz ki, cənab Prezidentin Ehtiyat Fondu hesabına həyata keçirilir. Amma bu gün insanlarda elə bir inam əmələ gəlib ki, bu 50 ailəlik evlər azlıq təşkil edir. Çünki artıq müraciət edənlərin, ərizə verənlərin sayı 200-ü keçibdir və əksəriyyəti də həmin kəndin insanlarıdır. Düzdür, ətraf kəndlərdən də bu arzuda olanlar var, görünür, onlara öz kəndləri azad olunanda növbə çatacaq. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında nələrə qadirdir. Bundan başqa, bu yaxınlarda cənab Prezidentin vahid müavinət məsələsi ilə bağlı əvvəlki bir neçə, daha doğrusu, 4 sərəncamının ləğv edilməsi bu sahədə yeni mərhələyə keçilməsindən xəbər verir.
Mən 50 ildən yuxarı təhsil sahəsində çalışan bir insan kimi təhsil sahəsində baş verən uğurları qeyd edə bilərəm. Cənab Prezidentin və Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərliyi altında təhsil sisteminin maddi-texniki bazası tam təmin olunub. Amma bunun müqabilində, ola bilsin ki, təhsildə,  xüsusilə də təhsilin keyfiyyətində müəyyən qədər çatışmazlıq var. Burada həm öyrədənlərin, həm də öyrənənlərin təhsilinə geniş fikir vermək lazımdır. Məsələn, burada Təhsil Nazirliyi tərəfindən “SABAH” qrupları yaradılıb. Bu çox təqdirəlayiq bir məsələdir. İlk yaradılan vaxtlardan  “SABAH” qruplarına nisbətən hazırlıqlı uşaqlar seçilir. O qruplarda geniş təcrübəyə, biliyə, intellektual səviyyəyə malik müəllimlər dərs deyirlər. Öncədən nəzərdə tutulmuşdu ki, həmin dərslər ingilis dilində aparılsın.
Bu gün isə reallıq başqa cürdür. Məndə olan məlumata görə Azərbaycan Respublikası Dövlət İqtisad Universitetində “SABAH” qruplarında təhsil ingilis dilində davam etdirilir. Amma bəzi universitetlərdə, o cümlədən Azərbaycan Texniki Universitetində belə bir hal hələ yerinə yetirilməyib. Orada təhsil Azərbaycan dilində aparılır və əlavə dərs deyən müəllimlər universitetin büdcəsindən adi saathesabı işləyən müəllimlərlə müqayisədə çox maaş alırlar. Bu da haradasa universitetin büdcəsinə müəyyən qədər təsir edir.
Burada, əlbəttə, qısa bir çıxışda bütün sahələri əhatə etmək mümkün deyil. Mən maliyyə sektorunda və pul siyasətində baş verən dəyişiklikləri, yəni yaranmış vəziyyətdə bu sahədə görülən işləri müsbət qiymətləndirirəm. İstehsal sahələri ilə bağlı, bayaq dediyim kimi, burada bir məsələni də qeyd etməliyəm. İpoteka kreditlərinin verilməsi. İpoteka kreditlərinin verilməsi müəyyən qədər sadələşib, görünür, bu hərəkət davam etdirilməlidir. Qeyri-neft sektorunun inkişafında nəqliyyat sahəsi çox böyük əhəmiyyətə malikdir və ölkəyə maliyyə gətirən bir sahədir. Yəni Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycana böyük dividendlər gətirə bilər.
Sonra, ölkə insanlarının sağlamlığını, xüsusilə də onların ərzaq təhlükəsizliyini qorumaq lazımdır. Eyni zamanda, içməli su ilə təmin olunması sahəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, mən hesab edirəm ki, nəinki içməli su sahəsi, eyni zamanda, suvarma suları ilə bağlı da böyük işlər görüb. Burada, əlbəttə, Azərbaycan xalqına göstərilən səhiyyə xidmətlərinin səviyyəsi artır. Amma bir şeyi də qeyd edim ki, Biləsuvar rayonunun, bayaq qeyd etdiyim kimi, ərazisində cəbrayıllılar yaşayan 11 qəsəbə var. Həmin qəsəbələrdə 22 min adam yaşayır və mən bu günlərdə icra hakimiyyətinin başçısı ilə söhbət etdim. Orada bu gün 14 həkimə, Oqtay müəllim, ehtiyac var. İnsanlar nə isə o şəraitdə gedib işləmək istəmirlər. Bu da sakinlər arasında müəyyən qədər problem yaradır. Ümumiyyətlə, mən həmişə çalışmışam lakonik danışım. Bu gün də fikirlərimi lakonik şəkildə bildirirəm. Hökumətin təqdim etdiyi hesabat yüksək səviyyədə hazırlanıb və ilk növbədə, əlbəttə, bayaq dediyim kimi, bu işlər cənab Prezidentin rəhbərliyi altında həyata keçirilir və gələcəkdə də keçiriləcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Hörmətli Baş nazir, hörmətli qonaqlar, hörmətli deputatlar! Hesabata mən də müsbət yanaşıram. Həqiqətən də, keçmişdə bizi neftin qiymətinin aşağı düşməsi ilə bağlı çox çətinliklər sınaqdan keçirdi. Mən elə hesab edirəm ki, Azərbaycan hökuməti bundan kifayət qədər bacarıqla çıxa bildi və ona görə də hesabatın müsbət qiymətləndirilməsinin tərəfdarıyam. Eyni zamanda, hesabatla bağlı bir sıra məsələləri də bildirməyi özümə borc bilirəm. Əvvəla, deyim ki, hesabata səs verəcəyəm və Nazirlər Kabinetinin bu islahatları həyata keçirməyə tam hazır olmasını bir daha arzu edirəm. Qarşımızda yəqin ki, çox ciddi islahatlar planı durur. Bir sıra məsələlər var, bunlara toxunmaq istəyirəm.
Əvvəla, misal üçün deyək ki, Ağsuda 110 kilovoltluq yarımstansiyanın açılması, sonra şəhər yollarının asfaltlaşdırılması ilə bağlı yenə də təşəkkür etmək istəyirəm. Ağsu yeganə şəhərlərdən biridir ki, bütün ərazisinə asfalt döşənib, digər tədbirlər də həyata keçirilir. Ancaq bir sıra məsələlərlə bağlı fikrimi bildirmək istəyirəm. Bu, bilavasitə seçildiyim seçki dairəsinə aiddir, əsasən də Quba–Şamaxı yolu ilə bağlıdır. Burada işlər çox ləng gedir. Bu da bizim iqtisadiyyatımıza çox ciddi xələl gətirir. Arzu edirəm ki, bura vəsait çox qoyulsun. Ona görə ki, istər Muğan, istər İsmayıllı istiqamətindən, ya da Ağsu–Kürdəmir istiqamətindən daxil olan yüklər, sərnişinlər və sair 50–100 kilometrlik məsafəni 200–500 kilometrə qədər qət etməli olurlar. Başqa yol ilə iqtisadiyyatımıza daha çox kömək dəymiş olardı. İstəyirəm ki, bu məsələ bir qədər sürətləndirilsin.
İkinci toxunmaq istədiyim məsələ Ağsu dolayları ilə bağlıdır. Mən ümumilikdə deyərdim ki, 500-ə yaxın ailənin dolanışığı o yollardan keçir. Arzulayıram ki, o yol tezliklə daha yüksək səviyyədə düzəldilsin. Vaxtilə o yolda Kürdəmir və Göyçay istiqamətində hərəkət var idi, camaat da dolanırdı. Bəlkə bu yolun istiqamətini dəyişmək olar. Bunu mən də istəyirəm, çünki bir balaca uçqun olan kimi yol bağlanır, başlayırlar onu düzəltməyə. İstəyirəm ki, o yol əsaslı təmir olunsun.
Bir neçə məsələyə də toxunmaq istəyirəm. Biz bilirik ki, cənab Prezidentin sərəncamı var idi, Nazirlər Kabinetinə həvalə olunmuşdu ki, şəhid və əlil ailələri üçün vəsait ayrılsın. Binaların tikilməsi, torpaqların ayrılması, bu məsələlər bir qədər yaddan çıxıb. Bu məsələnin üstünə getmək lazımdır. Xahiş edirəm, o davam etsin, artıq bir neçə ildir ki, bu qərar yerinə yetirilmir. Ümumiyyətlə, ictimai nəzarət orqanlarının təşkili Nazirlər Kabinetinin üzərində idi. Hələ də bu istiqamətdə müəyyən bir hərəkət görmürük. Arzu edərdim ki, bu da həyata keçirilsin.
Bir məsələni də deyim. “GEN” MMC var idi, məhkəməyə düşdü, bina tikintisi ilə bağlı insanlardan külli miqdarda pullar toplandı. Onların hələ nə pulları qaytarılıb, nə də mənzillər verilib. Bu məsələni istəyirəm, Nazirlər Kabineti öz üzərinə götürsün və Ədliyyə Nazirliyi də bu qərarın icrası ilə bağlı işini davam etdirsin. Tibbi sığortanın genişləndirilməsini də arzulayıram.
Nəhayət, bir məsələni demək istəyirəm. Bu da devalvasiya və inflyasiya ilə bağlıdır.  Arzum ondan ibarətdir ki, kreditlər ən azı 3 hissəyə bölünsün. Biz bilirik ki, birdən-birə insanlar durduqları yerdə dövlətə, banklara və sairə borclu qalırlar. Bunların ödənilməsi 3 hissəyə bölünsün. Biri vətəndaşın üzərinə düşsün, biri dövlətin üzərinə düşsün və  Nazirlər Kabineti bunu həll etsin, digəri də bankların üzərinə düşsün. Mən hesab edirəm ki, bunun həyata keçirilməsi yaxşı olardı.
Bundan başqa bir ciddi məsələyə də toxunmaq istəyirəm. Biz bilirik ki, təhsilə 1,7 milyard manat pul keçirilib. Bunun 934 milyonu orta təhsillə bağlıdır. Amma təhsil məni çox narahat edir. Xüsusilə də kişi müəllimlərin çatışmazlığı. Mənim Ağsuda oxuduğum məktəbdə 77 qadın müəllimə var idi, 11 kişi. Bunların da çoxunun pensiya yaşı çatırdı. Arzulayıram ki, kişi müəllimlər hansısa yolla stimullaşdırılsınlar, əmək haqları artırılsın, oğlanlar aşağı balla ali məktəblərə qəbul edilsinlər, pensiya məsələlərində güzəştə gedilsin. Mən elə hesab edirəm ki, bu, təhsildə uşaqlarımıza xeyli dərəcədə kömək edərdi. Ümumiyyətlə, Təhsil Nazirliyinin məlumatlarına baxıram ki, orta məktəbi qurtaranların bir çoxu sıfır balla nəticə göstərir. Sıfır bal nəticə ilə heç kim ali məktəbə daxil olmur. Təhsil sistemində indi islahatlar keçirilir, bu, ağrılı bir məsələdir. Arzulayıram ki, Təhsil Nazirliyi bu məsələni çox ciddi şəkildə götür-qoy etsin.  Təhsil rentabelli olsun.
Bundan başqa, məktəbəqədər təhsilə də toxunmaq istəyirəm. Azərbaycanda bu, 30 faizdən yuxarıdır. Dünyada 55 faiz, Rusiyada 87 faizdir. Bu istiqamətdə də müəyyən hərəkətlərin edilməsini arzulayıram. Ümumiyyətlə, elmi tədqiqat nəticəsində əmək məhsuldarlığının artırılmasına yönələn innovativ təklifləri müdafiə etmək lazımdır. Alimlər təkcə əmək haqları ilə deyil, kəşflərdən, ixtiralardan gələn vəsaitlərlə yaxşı dolanmalıdırlar.
Bütövlükdə hökumətin hesabatını müsbət qiymətləndirirəm, amma bir məsələni də demək istəyirəm. Doğrudan da, neftin qiymətinin düşməsindən asılı olaraq bir sıra çətinliklər baş verib. Deyək ki, balıq məhsulları cəmi 30 faiz miqdarındadır. Şərab məhsulları və sair çox azalıb. Bunun da aradan qaldırılması və normal hala gətirilməsi üçün müəyyən tədbirlərin görülməsini arzu edirəm. Bir sözlə, makroiqtisadi göstəricilərin bundan sonra yaxşılaşacağına əminəm. Cənab Prezident öz çıxışında da dedi ki, artıq bu il artım olacaq. Hamıya  uğurlar arzulayıram və təşəkkür edirəm. Hesabata mən də səs verəcəyəm. Sağ olun.   
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, əziz deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Mən də ilk öncə hörmətli cənab Baş nazirə dolğun və ətraflı hesabatına görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu hesabatın hər bir detalında, hər bir cümləsində hökumətin 2016-cı ildəki fəaliyyətinin yüksək göstəricilərinin səy və fədakarlığı əks olunmuşdur. İlk öncə qeyd etmək istəyirəm ki, 2016-cı il dünyanın iqtisadi və siyasi tarixində uzun illər formalaşmış ənənələrin dağılması, yeni münasibətlərin formalaşması və tamamilə yeni bir istiqamətdə yeni fəaliyyət növlərinin  yaradılması ilə yadda qalmışdır. Dünyanın 3 ən iri iqtisadi mərkəzinin 2-də iqtisadi təlatümlər yer almışdır. Avropa Birliyində son 50 ildə formalaşaraq mərkəzləşmiş qüvvələr və yaxud mərkəzi sistem getdikcə iflasa uğramış, mərkəzdənqaçma qüvvələri artmış, Böyük Britaniya buradan çıxmış və populist hərəkatlar getdikcə daha da artmışdır. Dünyanın ikinci böyük iqtisadi mərkəzində, uzun illər, yəni 50 ildən çox bir müddətdə qlobal iqtisadiyyatın və iqtisadi inteqrasiyanın tərəfdarı olan Amerika Birləşmiş Ştatlarında qlobal iqtisadiyyatın əleyhinə olan iqtisadi fəallığa başlanılması, iqtisadiyyatın qapanması və proteksionist siyasətin həyata keçirilməsi dünyanın bütün iqtisadiyyatlarına, o cümlədən milli iqtisadiyyatlara da ciddi təsir göstərməyə başlamışdır.
Təsadüfi deyil ki, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatı da bu neqativ təsirlərdən  təsirlənmiş və 2016-cı ildə ümumi daxili məhsul 3,1 faiz azalmış, ölkədə milli valyutanın kursunda  devalvasiya baş vermiş və iqtisadi fəallıq daha da zəifləmişdir.  Bütün bu neqativ göstəricilərlə yanaşı, dünya iqtisadiyyatı tarixində müasir iqtisadi nəzəriyyələr bir daha göstərir ki, hər hansı bir fəaliyyətə qiymət verildiyi zaman kəmiyyətdən daha çox onun keyfiyyət göstəricilərinə  üstünlük vermək lazımdır. Məhz Azərbaycan iqtisadiyyatının keyfiyyət cəhətdən təhlili çox maraqlı bir mənzərə yaradır. Biz deyirik ki, ümumi daxili məhsulda 3,1 faiz  azalma olmuşdur, amma keyfiyyət təhlili göstərir ki, bunun 80 faizi tikinti sektoruna aiddir. Nəzərə alsaq ki, tikinti sektoru iqtisadiyyatın  kuriativ sektoru deyil, o zaman onu çıxmaq şərti ilə bütün  digər sektorlara nəzər yetirsək, iqtisadi vəziyyətin 2016-cı ildə kifayət qədər dayanıqlı və fədakar olduğunu bir daha göstərmək mümkündür. Məsələn, ümumi daxili məhsulun çox böyük bir hissəsinə aid edilən sənayenin ümumi daxili məhsulda 37 faiz çəkisi var, yəni 2016-cı ildə 0,3 faiz artım olmuşdur. Ümumi daxili məhsulda ikinci çox böyük çəkiyə malik olan kənd təsərrüfatı 2016-cı ildə  2,6 faiz artmışdır.
Üçüncü böyük bir paya malik olan informasiya təminatı və rabitə  sahəsində artım 4,5 faiz olmuşdur. Qeyri-neft sektoruna 2016-cı ildə 69,5 faizə çatmaqla 4,5 faiz əlavə dəyər daxil olmuşdur. Yəni bütün bu göstəricilər, əslində, 2016-cı ildə iqtisadi fəallığın və iqtisadi fədakarlığın bütün bu neqativ təsirlərə necə dayanıqlı olduğunu və ümumiyyətlə, gələcək inkişafın yeni bir  modelinin əsasının məhz bu ildə qoyulduğunu bir daha sübut edir. Məsələn, 2016-cı ildə Azərbaycanda 8 mindən artıq yeni hüquqi şəxs yaradılmışdır. Yeni hüquqi şəxslərin yaradılması, investisiyaların cəlb olunması və insanların iqtisadi dəyişikliklərə inamı iqtisadiyyatın 2016-cı ildə nəinki dayanıqlı olmasını, hətta gələcək inkişafın yeni əsaslarının qoyulduğunu bir daha sübut etdi. Azərbaycanda 2016-cı ildə vergi sahəsində olan dəyişikliklər, vergi daxilolmalarının və dinamikanın artması, xüsusilə vergi sahəsində şəffaflığın və vergi fəlsəfəsinin artması Azərbaycan sahibkarlığında tamamilə yeni fəaliyyət növlərinin açılmasına imkan yaratmışdır. Mən xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Konstitusiyasının 99-cu maddəsinə görə Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. 2016-cı ildə Azərbaycan Prezidentinin, Ali Baş Komandanın birbaşa iradəsi ilə 1994-cü il atəşkəsindən sonra aprel döyüşlərində Azərbaycanın bir hissəsinin azad olunması, hesab edirəm ki, bütün bu uğurların başında durur və bu qələbə Azərbaycan tarixinə daxil olmuşdur.
Hörmətli cənab Sədr, Azərbaycanın beynəlxalq layihələrdə gördüyü işlər və həyata keçirdiyi üçtərəfli və çoxtərəfli əlaqələr Azərbaycan iqtisadiyyatının yeni bir dövrə qədəm qoyduğunu göstərir. Bu, eyni zamanda, Azərbaycan hökuməti qarşısında çox böyük məsuliyyət və fəallığın nümayiş etdirilməsi üçün səylərin tələb olunduğunu göstərir. Məhz Cənub Qaz Dəhlizi layihəsinin artıq böyük sürətlə reallaşması,  Şərq-Qərb və eyni zamanda,  Şimal-Cənub dəmir yolu layihələrinin böyük vüsətlə həyata keçirilməsi həm Azərbaycan hökuməti, həm də Azərbaycan iqtisadiyyatı qarşısında çox böyük imkanlar açır. Xüsusilə Transxəzər– Şərq-Qərb ticarət və tranzit dəhlizi ilə bağlı tədbirlərin keçirilməsi, hesab edirəm ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Azərbaycan hökumətinin xaricdə həyata keçirdiyi çox böyük hadisə sayılır. Bütün bunlar Azərbaycan hökumətinin 2016-cı ildə fəaliyyətinin çox yüksək qiymətləndirilməsinə dəlalət edir.
Mən çıxışımın sonunda bütün bunlarla yanaşı, bir neçə təklifimi də  səsləndirərək Azərbaycan hökumətindən imkan daxilində bunların həyata keçirilməsini xahiş edərdim. Birincisi, Azərbaycan Prezidentinin tapşırığı ilə ixracatın genişləndirilməsi yolunda çox böyük işlər görülüb. Həm xarici missiyaların, eyni zamanda, xarici nümayəndəliklərin açılması Azərbaycanda ixrac fəaliyyətinin artmasına çox böyük bir zəmin yaradır. İxrac rəqəmlərinin təhlil edilməsində çox maraqlı bir mənzərə ortaya çıxır. Azərbaycan ixracatının cəmi 18,2 faizi özəl sektora  aiddir. Nəzərə alsaq ki, Azərbaycanın ümumi daxili məhsulunun yaranmasında özəl sektorun payı 80 faizdən çoxdur, o zaman mən buradan bir daha özəl sektora səslənərək onu Azərbaycan dövlətinin yaratdığı bütün səylərə və dəstək nümunələrinə cavab olaraq ixracda daha fəal olmağa səsləyirəm.
İkinci bir tərəfdən hesab edirəm ki, ixrac əməliyyatlarında MDB ölkələrinin ixrac əməliyyatlarının coğrafiyasının və strukturunun dəyişməsinə çox  böyük bir ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanın MDB ölkələri ilə əlaqələrində əgər ixracın cəmi 7 faizi MDB-yə düşürsə, ümumilikdə götürəndə idxalın 25 faizi MDB ölkələrinin payına düşür, bu o deməkdir ki, MDB ölkələrinin  ixrac əməliyyatlarının artırılmasına çox böyük ehtiyac vardır. Düzdür, bu istiqamətdə çox böyük işlər görülüb. Məsələn, Rusiyada Azərbaycan  nümayəndəliyi açılıb. Mən hesab edirəm ki, bu istiqamətdə səylərin daha da artırılmasına və Orta Asiya ölkələrində də belə bir nümayəndəliyin yaradılmasına ehtiyac var. Azərbaycanda həyata keçirilən sərt pul-kredit siyasəti, təbii ki, makroiqtisadi sabitliyin təmin olunmasında çox mühüm rol oynamış, Azərbaycanın bank sektorunun sağlamlaşdırılmasında böyük işlər görülmüşdür. Bununla bərabər Azərbaycanda iqtisadi fəallığın artmasına çox böyük ehtiyac yaranacaqdır. Hesab edirik ki, iqtisadi aktivliyin artırılması ilə məhz iqtisadi inkişafa   nail olmaq daha çox mümkündür.
Hörmətli cənab Sədr, cənab Prezidentin mənim seçildiyim Sumqayıt şəhərinə 2016-cı ildəki səfəri və Sumqayıtda görülən çox böyük işlər Sumqayıtın tamamilə yeni bir şəhər statusu qazanmasına imkan vermişdir. Bu gün Sumqayıtda yeni sənaye ocaqları, sənaye parkları yaradılmış və Sumqayıt 2016-cı ildən etibarən dotasiyasız şəhər statusu alaraq, artıq öz iqtisadiyyatı ilə özünü doğrultmağa başlamışdır. Amma bütün bunlarla yanaşı, bu gün Sumqayıtda yaranan bütün sənaye sahələrində xeyli sayda ixtisaslı kadrların hazırlanmasına geniş ehtiyac vardır. Ona görə mən hökumətdən  xahiş edərdim, Sumqayıtda peşə təhsili müəssisələrinin inkişafı, eyni zamanda, yeni ixtisas mərkəzlərinin yaradılması ilə bağlı görüləcək işləri daha da artırsın və səylərini daha çox Sumqayıtda cəmləşdirsin.
Bir daha çıxışımın sonunda  hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edir və 2017-ci ildə bütün Məclisə uğurlar arzu edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y.Abramov. Çox sağ olun, təşəkkür edirəm. Vallah, bu il ənənəni pozub  çıxış etmək fikrim yox idi, Oqtay müəllim. Amma bu kitabça bizə veriləndən sonra yəqin ki, deputatlar da izləyiblər, mətbuatda builki hesabat barədə bir sıra ürək bulandıran və xoşa gəlməyən mülahizələr, məqalələr çıxdı. Guya bu, Baş nazirin sonuncu hesabatıdır, Baş nazir hesabatdan sonra istefaya gedəcək və nə bilim, nələr. Bu bizə yaraşmır. Bilirsiniz niyə yaraşmır? O millət ki, o xalq ki öz Prezidentini sevir, öz Baş nazirini sevir, öz spikerini sevir, o xalq xoşbəxt xalqdır, bu ölkə güclü ölkədir. Bu ölkə balacalığından, ərazi həcmindən, xalqının kəmiyyət miqdarından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifələr, elə sənət sahələri var ki, inanın, onları yaşlı insanlara, ahıl insanlara etibar etmək böyük xoşbəxtlikdir.
İsraildə bir Baş nazirə “buldozer”  ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət etsin. Artur müəllim onun torpağı sanı yaşasın. Bizim Baş nazir nəinki “buldozer” kimidir, o, dünyanın müasir tanklarından da güclüdür. Mən, ümumiyyətlə, Ramiz müəllimdir, Baş nazirimizdir, elə bizim Aparat rəhbəri Səfa müəllimdir, mən bu insanlarla qürur duyuram. Bütün xalq qürur duyur. Bu gün xalqın öz Baş nazirinin ətrafında necə cəmləşdiyini,  hesabatı necə obyektiv müzakirə etdiyini görüb sevinirəm. Bu sevinclə də çıxış edirəm. Əlbəttə, iş olan yerdə səhvlər də var. Amma bizim ölkəmiz dünyada baş alıb gedən bu çətinliklər içərisində özünü mərdanə apardı. Ulu öndərimiz demişkən, “Azərbaycan dünyada bir günəş tək parlayan ölkə kimi özünü göstərdi”. Biz bu xəstəliyi böyük sancılar olmadan keçirdik. Amma bundan da yaxşı hesabat verə bilərdik. İmkanlarımız da var idi. Çünki bizə doğru yol göstərən, hadisələri qabaqcadan görmək qabiliyyəti olan Prezidentimiz var. Ulu öndərin uzun illər üçün qoyub getdiyi inkişaf perspektivləri var. Bunlar bizə imkan verir ki, bu gün daha optimist danışaq, bu zala xalqı sevindirə bilən fikirlərlə gələk. Mən bəzən deyirəm, inciyirlər. İncisələr də, inciməsələr də mən deyəcəyəm.
Birinci, məni ən çox maraqlandıran “başı batmış” xarici valyutadır. Mən 3–4 gündür Qubadayam, Qusardayam, elə təsadüfən maşını bir yerdə saxladım ki, alqı-satqı necədir, ay dostlar? Dedilər, nə qədərdir sizdə, cənab deputat? Dedim, 1000 manat. Dedilər, 1.70-ə sizdən alarıq. Yalandan əl atdım cibimə, dedim, birdən satış olsa, dedilər, nə qədər dedim, bu qədər. Dedilər, satış bahadır. Alışla satış arasında,  Samir müəllim, Elman müəllim, Rüfət müəllim, dünyanın heç bir ölkəsində bu qədər fərq olmayıb. Fikirləşin, bu addımla biz xalqın belini qırırıq. O dəfə də dedim, cənab Prezident çox sağ olsun,  1–2 bank bədbəxt oldu. Dövlət Təhlükəsizliyi Xidməti bir neçə nəfəri Səməd Vurğun bağında tutdu. Nə oldu? Mən bilirəm ki, bu enişə, bu qalxışa dövlət nəzarət etmir. Elə bil ki, Oqtay müəllim, bir qrup insan bizə mane olur. Kimlərdir, mən bilmirəm. Amma bizim güclü maliyyə işçilərimiz var. Bütün bunlara son qoymaq lazımdır. Bu olmasa, gələcək hesabatımız daha da pis olacaq.
Rayonlar barədə. Əlbəttə, hər bir deputat öz rayonu barədə deməyə borcludur. Çünki onlar bizi seçiblər. Keçən dəfə, Oqtay müəllim, birinci çıxış etmək mənə qismət oldu. Bu gün bu kitabda mənim 5 təklifimin 4-nün icrası haqqında məlumat var. Mən bu saat da başçının müavini ilə danışdım, zalda nazirlərlə də danışdım, Artur müəllim, bunların heç biri hələ yerinə yetirilməyib, heç biri yoxdur. Saleh müəllimlə, təhsil naziri ilə də danışdım ki, dediyim məktəbdə  100 nəfərlik otaq tikilsin, zal tikilsin, tikilmədi. Qonaqkənddə yenə sel-su baş alıb gedib. İndi düzdür, bahalı layihədir. Ancaq deputat bu zaldan başqa harada çıxış edə bilər, onun nəyə gücü çatar? Bizim xalq içərisinə çıxmağımız üçün çətinliklərimiz olur.
Siyavuş müəllim çox gözəl bir söz dedi, dedi ki, ay dostlar, biz keçənilki fəaliyyətimizi təhlil etməliyik və cənab Baş nazirə, Nazirlər Kabinetinə gələcəkdə yaxşı işləmək üçün fürsət verməliyik. Bizim də təkliflərimiz  gələcəkdə işləmək üçün dəlillərdir. Hər bir deputat sevinər ki, qarşıdakı ildə onun seçildiyi ərazidə iş yerləri açılsın, bütün problemlərimiz həll olunsun. Bütün iş yerləri Bakıdadır. İndi “xruşovka”ları sökürük, Bakıda işləyəcəklər, “Sovetski”ni sökürük, Bakıda işləyəcəklər. Bəs rayonlarda kimlər işləyəcək və harada işləyəcəklər? İmkanlarımız var.
Məsələn, Quba meyvəçilik rayonudur. Dəfələrlə demişəm, Oqtay müəllim, amma daha “alma” sözünü bu zala gətirmirəm. Almadan daha danışmayacağam. Lakin mən Avropanın 2 ölkəsində və İsraildə nə gördüm? Hökumət üçün də maraqlıdır. Azərbaycandan böyük ajiotajla tənək yarpağı, albalı mürəbbəsi, nar şirəsi gedir. Neftdən qazanılan dolları bunlardan qazanmaq olar. Orada etiketin üstündə yazılıb ki, bunun ofisi Nərimanov rayonunun filan küçəsindədir, telefonu da filandır. Orada iş adamları deyirlər ki, Abramov, sən bu hökumətlərarası qrupun sədrisən, dəfələrlə bu nömrəyə zəng vururuq, cavab verir ki, düz düşməmisiniz. Mən də zəng vurdum, heç orada göstərilən ünvanlar da düz deyil, Oqtay müəllim. Bunları kimlər göndərir? Haranın məhsuludur? Bizim böyük imkanlarımız var. Sağ olsun cənab Prezident. Qubada fındıq əkilir, qoz əkilir. Böyük sahələr salınır. Amma çətinliklər də var. Biz cənab Əhmədzadədən xahiş edirik, bu qədər inkişafdan sonra suvarma və su sistemləri məsələsi ajiotajdır. Artezianlar lazımdır. Bütün bunları ərsəyə gətirmək lazımdır. Əlbəttə, mən hökumətin hesabatına müsbət rəy bildirəcəyəm.
Sonra, deputatlara qarşı da iradlarım var. Bəzən müsahibə verirlər ki, aprelin 15-nə qədər, Novruz bayramına qədər 6 vitse-prezident seçiləcək. Biz deputatıq, yoxsa prezidentik? Haradan bilirik, 6 vitse-prezident olacaq və ya 2 vitse-prezident olacaq? O, cənab Prezidentin səlahiyyətidir. Həm də adları hallandırırlar, adları hallandırmaqla da bizim kadrlarımızı vururlar, ya da gözə soxurlar. Belə şeylər lazım deyil. Biz qanunverici orqanın işçiləriyik. Öz sahəmizdən müsahibə verə bilərik. Xarici mətbuata da verə bilərik, daxili mətbuata da verə bilərik. Yəni hər bir deputatın deməyə sözü də var, problemləri də var. Biz problemlərlə yaşayırıq.
Mənim ən böyük təklifim, Oqtay müəllim, budur ki, bu devalvasiya vaxtı iqtisadçılar bir qədər bunları təhlil etsinlər. Mən iqtisadçı deyiləm, amma bəzi şeylərdən başım çıxır. Məsələn, Rusiyada elə həftə yoxdur ki, Kudrin çıxış eləməsin. Mən bir dəfə də görmədim ki, bu maliyyə triosundan bir nəfər, iki nəfər, üç nəfər çıxıb bu məsələləri bizim başa düşdüyümüz dildə xalqa bildirsinlər.
Mən uğurlar diləyirəm. Qarşıda böyük bayramdır. Bu bayram münasibəti ilə sizləri təbrik edirəm, sizdən sonra bizim bayramımız gəlir. Bizdən sonra rusların bayramı gəlir. Elə olsun, Azərbaycanda həmişə bayram bayrama qarışsın. Biz də bu bəlalardan əbədi xilas olaq. Hamımıza uğurlar diləyirəm.
Sədrlik edən. Sağ ol. Sən də hərdən deyirsən trio. Trio yox, kadrlar çıxış edir, ya deputatlar. Nə dəxli var? Onlar da eyni məsələni deyirlər. Amma vitse-prezidentlik məsələsinə gələndə, həqiqətən, son vaxtlar dəbdədir bu baxıcılıq. Əvvəldən görürsən, hamı öz proqnozunu, öz fikirlərini bildirir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və həmkarlar! Bu gün Nazirlər Kabinetinin 2016-cı il hesabatını dinləyərkən və indi müzakirə edərkən birmənalı şəkildə demək mümkündür ki, hesabat ilinin mürəkkəb olmasına baxmayaraq, iqtisadi dayanıqlılıq əldə edilmiş, ölkədə iqtisadi sabitlik bərqərar olmuşdur. Məhz buna görə də cənab Prezidentin söylədiyi kimi, bütün problemlərə baxmayaraq, Azərbaycan dövləti, Azərbaycan xalqı bu çətin dövrdən şərəflə çıxmışdır.
Hörmətli Artur müəllimin çıxışında bir neçə vacib və əhəmiyyətli məqam oldu. Bunlardan biri və bəlkə də birincisi aprel döyüşlərinin xatırlanması idi. Həqiqətən də, cənab Prezidentin son 10 ildə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı gördüyü işlər, hörmətli millət vəkillərinin hər il hərbi xərclərin artırılması ilə bağlı mövqeyi, bütün bunlar 15 gündən sonra ildönümünü qeyd edəcəyimiz aprel döyüşlərindəki qələbənin zəmini idi. Bu baxımdan hesab edirəm ki, bir neçə il bundan əvvəl olduğu kimi, yenə də silahlı qüvvələrə yardım fonduna geniş ictimai dəstəyin olması vacibdir. Çünki döyüş bölgəsində həlak olanların, ümumiyyətlə, hərbi qulluqçuların sosial vəziyyətinə dəstək verilməsi ilə bağlı bu fondun imkanlarından daha ciddi istifadə etmək lazımdır. 2016-cı ildə mövcud olmuş problemlərin obyektiv və subyektiv səbəbləri ilə bağlı iqtisadçılar bir çox mülahizələr irəli sürmüşlər. Cənab Baş nazir bu barədə geniş dedi. Bir qədər öncə çıxış etmiş həmkarım Tahir müəllimin bir fikrini xüsusi dəstəkləyirəm ki, dəqiq və ciddi təhlil 2016-cı ildəki problemlərdən necə uğurla çıxdığımızı göstərir. Amma eyni zamanda, bu problemin subyektiv tərəfi ilə bağlı, hesab edirəm ki, bizim hər zaman ciddi qiymət verməyimizə ehtiyac var.
Hörmətli Artur müəllim öz çıxışında Beynəlxalq Bankda baş vermiş cinayət halı ilə bağlı fikrini vurğuladı. Doğrudan da, artıq məhkəmə prosesi başa çatmışdır. İctimaiyyət də bilməlidir ki, bu cür neqativ hallar olub. Amma Azərbaycan dövlətinin, hüquq sisteminin gördüyü tədbirlər nəticəsində bu cür hallara düzgün hüquqi qiymət verilmişdir. Ancaq bu cür olacağı təqdirdə insanların, bütövlükdə xalqın dövlətə inamı hər zaman güclü olacaqdır. Eyni zamanda, hesab edirəm ki, biz həm 2015–2016-cı illərdə sahibkarlığa müdaxilə, o cümlədən hədə-qorxu ilə tələb etməklə bağlı baş vermiş cinayət hallarını da yaddan çıxarmamalıyıq. Hazırda hüquq mühafizə və məhkəmə orqanları tərəfindən bu işlər araşdırılır və əminəm ki, cənab Prezidentin vaxtilə söylədiyi kimi, onlara ədalətli, dəqiq, qanunauyğun qiymət veriləcəkdir. Bu baxımdan hesabatın xüsusən korrupsiyaya qarşı mübarizə ilə bağlı hissəsində, hesab edirəm ki, daxili işlər orqanlarının, prokurorluq orqanlarının və yeni yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin uğurlu fəaliyyəti bir daha qeyd olunmalıdır.
Hörmətli həmkarlar, hesabatın 8-ci fəsli institusional sahələrə həsr olunub. Bu yaxınlarda cənab Prezidentin ədliyyə və məhkəmə sistemindəki islahatların daha da geniş həyata keçirilməsi ilə bağlı xüsusi bir sərəncamı oldu. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli sərəncam artıq güclü fundament üzərində qurulmuş məhkəmə hüquq sisteminin gələcək islahatlarının yeni mərhələsi olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bir neçə dəfə parlamentdə də səslənmiş məhkəmə qərarlarının icrası ilə bağlı çox ciddi bir dönüş yaradılmışdır. Artıq məhkəmə qərarlarının icrası ən yüksək faizlə həyata keçirilməkdədir.
“ASAN xidmət”in fəaliyyəti ilə bağlı biz zaman-zaman vurğulayırıq. Çox təqdirəlayiq haldır ki, budəfəki hesabatda təxminən 15 faiz “ASAN xidmət”in gördüyü işlərə həsr olunmuşdur. Hörmətli Artur müəllim, düşünürəm ki, “ASAN xidmət”in sosial innovasiyalarla bağlı olduğu, bu gün cənab Prezident tərəfindən ona yüksək diqqət ayrıldığı və ümumiyyətlə, “ASAN xidmət”in müasir idarəetmə modeli olduğu nəzərə alınaraq, gələcəkdə hesabatda onunla bağlı xüsusi bir fəslin – “Sosial innovasiyalar” fəslinin ayrılması məqsədəmüvafiq olardı. Fürsətdən istifadə edib, həm cənab Prezidentə, həm də hökumətimizə “ASAN xidmət”in bu il yaradılacaq yeni regional bölmələrindən birinin təmsil etdiyimiz Mingəçevir şəhərində nəzərdə tutulmasına görə təşəkkürümü bildirirəm. Bütövlükdə isə hesab edirəm ki, hökumətimizin 2016-cı il hesabatı qənaətbəxşdir və ona müsbət səs verəcəyəm. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Həm Nazirlər Kabinetinin bizə hazırladığı dərin təhlillərə və elmi mülahizələrə əsaslanan hesabatı, həm də hörmətli cənab Baş nazirin çox ətraflı təqdimatı bizə söyləməyə əsas verir ki, bütün dünyada baş verən ağır iqtisadi çətinliklərə, ictimai-siyasi, hərbi gərginliklərə baxmayaraq, 2016-cı il Azərbaycan hökuməti üçün, Azərbaycan dövləti üçün uğurlu olmuşdur. Baxmayaraq ki, büdcədə müəyyən problemlər var idi, manatın, ümumiyyətlə, bir neçə dövlətdə olduğu kimi, bizdə də milli valyutanın dəyərdən düşməsi faktı var idi, bizim iqtisadi cəhətdən sıx əlaqədə olduğumuz ölkələrdə iqtisadi böhranlar var idi, hökumətimiz ötən il ərzində həm ölkədə mühüm olan maliyyə sabitliyini, həm də iqtisadi prosesləri tam nəzarət altında saxlaya bildi. Artıq Azərbaycan öz iqtisadiyyatının yeni bir dönəminə, postneft dönəminə uğurla qədəm qoydu. Hesab edirəm ki, belə ağır və çətin maliyyə ilində hökumətin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Millət vəkilləri olan həmkarlarımın da çıxışları bu fikri bir daha təsdiq edir. Maliyyə sabitliyinin, bank sektorunda sabitləşmənin yaranmasında, milli valyutanın dönərli valyuta nisbətlərindəki böhranlı vəziyyəti ötüb keçməsində, heç şübhəsiz ki, lazımi maliyyə qurumlarının, Maliyyə Nazirliyinin, bank sektorlarında sabitləşməyə nəzarət üçün yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın fəaliyyətini yüksək qiymətləndirmək olar.
Ötən dövrdə, xüsusən 2015-ci ildən başlayaraq kənd təsərrüfatı sektorundakı canlanma davam etmişdir. 2016-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində kənd təsərrüfatında aqrar sektorun bir sıra sahələri intensiv şəkildə inkişaf etməyə başlamışdı. Yeni innovativ üsulların tətbiqi, məhsuldar sortların gətirilməsi, aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, vergi güzəştlərinin daha da uzadılması və sair addımlar kəndçini, doğrudan da, kəndə bağladı, torpağa bağladı. Uzun illər ərzində torpağa olan inamsızlığı aradan qaldırdı. Bu çox ciddi bir amildir və Azərbaycanda artıq ötən il kənd təsərrüfatı sektorunda əldə edilən uğurlar və bu sahədə yeni innovativ üsulların tətbiqi bizə söyləməyə əsas verir ki, doğrudan da, qəbul olunmuş yol xəritəsinin tətbiqi nəticəsində Azərbaycanda kənd təsərrüfatı sektoru öz fəaliyyətinin inkişafının yeni bir mərhələsinə qədəm qoyacaqdır. Su-meliorasiya təsərrüfatında görülən işləri də mən müsbət qiymətləndirirəm.  Xüsusən Azərbaycanın istər böyük şəhərlərində, istərsə də kənd rayonlarında əhalinin keyfiyyətli su ilə davamlı təminatı sahəsində aparılan işləri yüksək qiymətləndirirəm.
Qaçqın və məcburi köçkünlərə ənənəvi şəkildə göstərilən dövlət qayğısı ötən ildə də davam etmişdir və bu, qaçqın və məcburi köçkün bacı-qardaşlarımızın cənab Prezidentə, hökumətə, cənab Baş nazirə müraciətlərində özünü bir daha göstərmişdir. Ərzaq təminatının yaxşılaşdırılması və keyfiyyətinin artırılması da hökumətimizin diqqət mərkəzində olmuş, cənab Prezidentin bu sahədə verdiyi son sərəncam ilə yeni bir komissiya yaradılmışdır. Hesab edirəm ki, bu qurumun Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyi ilə aparılacaq fəaliyyəti də Azərbaycan vətəndaşlarının ərzaq təminatının keyfiyyətli və davamlı olmasında yeni bir mərhələ olacaqdır. Sosial müdafiə və sosial təminat sahələrində görülən işləri, xüsusən islahatları da yüksək qiymətləndirirəm. Xüsusən pensiya sahəsində aparılan islahatları, eyni zamanda, hərbi məşğulluğun təmin olunması sahəsində görülən işləri də ötən ilin uğurları hesab edirəm.
Eyni zamanda, əmək haqqı siyasəti ilə bağlı bəzi təkliflərim var. Onu hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Bizə verilən hesabata görə Azərbaycanda neft sektorunda işləyənlərin orta aylıq əmək haqqı 2804 manat, qeyri-neft sektorunda işləyənlərin orta aylıq əmək haqqı isə 443 manat təşkil edir və bu nisbət 5,6 dəfədir. Özəl və dövlət sektorunda çalışan işçilərin əmək haqlarındakı nisbət isə 1,8 dəfədir. Orta aylıq əmək haqqı ilə minimum əmək haqqı arasındakı nisbət 4,3 dəfədir. Hesab edirəm ki, bu nisbətlər olduqca böyük bir rəqəmdir və müəyyən sosial qeyri-sabitliyin yaranmasına səbəb olur. Yəqin ki, bizim qəbul etdiyimiz yol xəritəsində 2025-ci ilə qədər minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılması nəzərdə tutulubdur. Amma ilbəil bu nisbətləri azaltmağı da düşünməliyik.
Səhiyyə sahəsində ötən ildə aparılan fəaliyyəti də mən müsbət qiymətləndirirəm. Ötən il Azərbaycanın 41 səhiyyə müəssisəsində əsaslı yenidənqurma və müasir texnologiyalar ilə tətbiq olunma sahəsində irəliləyişlər əldə edilmişdir. Onların bir çoxunun açılışında cənab Prezident, ölkənin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva iştirak etmişlər. O cümlədən Gəncə şəhərində Abbas Səhhət adına xəstəxana ötən il ən modern bir üsulda tikilərək və ən modern bir texnologiya ilə təchiz olunaraq vətəndaşların istifadəsinə verilmiş və cənab Prezident də bu xəstəxananın açılışında iştirak etmişdir. Ana və uşaq ölümü faizlərinin aşağı düşməsi də Azərbaycan səhiyyəsinin çox ciddi uğurlarındandır.
Cənab Prezidentin göstərişi ilə artıq neçə ildir ki, əhalinin icbari dispanserizasiyası həyata keçirilir və bizə verilən hesabatdan da görünür ki, ötən il 5,3 milyon Azərbaycan vətəndaşı icbari dispanserizasiyadan keçib. Onların 175 min nəfərində bu və ya digər xəstəlik aşkar olunaraq ilkin profilaktik müalicəyə cəlb olunmuşlar. Bir neçə il bundan öncə Milli Məclis tərəfindən qəbul olunan Ailə Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə nikahdan öncəki icbari tibbi müayinənin tətbiq olunması nəticəsində artıq ötən ilin hesabatına görə 10 minə yaxın cütlükdə talassemiya aşkar olunmuşdur. Bu o deməkdir ki, gələcəkdə doğulacaq 10 min nəfərin bu xəstəliyə tutulma riskinin qarşısı alınmışdır. Azərbaycanda ürək əməliyyatları da çox geniş şəkildə aparılır. Ötən il təkcə dövlət müəssisələrində dövlət vəsaiti hesabına mindən çox belə əməliyyat aparılmışdır. Bu sahədə biz uğurlarımızı sadalaya bilərik. Səhiyyədən danışmışkən hörmətli cənab Baş nazir, Sizdən bir ricam var. Gəncədə psixiatriya xəstəxanasında əsaslı yenidənqurma işlərinə başlanmışdır. Amma maliyyə yetərsizliyi üzündən bu iş dayanıb. Orada çox ciddi problemlər yaranıb. Çünki o xəstəxananın qadınlar müalicə alan şöbəsi tamamilə bağlanıb. Təsəvvür edin ki, oyanıqlı bir vəziyyətdə olan ruhi xəstəni oradan Bakıya gətirmək üçün valideynlər, yaxın qohumlar nə qədər çətinliklə üzləşirlər. Xahiş edirəm, mümkün imkanlardan istifadə edərək həmin xəstəxananın tikintisinin başa çatdırılması üçün bizə dəstək verəsiniz.
Bir təklifim də dərman vasitələri ilə bağlıdır. Cənab Prezidentin göstərişi ilə artıq Azərbaycanda, – biz qanunda da dəyişiklik etmişik, – dərman vasitələrinin qiymətləri tənzimlənir və Tarif Şurası bu məsələ ilə ciddi şəkildə məşğuldur. Amma valyuta-manat nisbətinin tez-tez dəyişməsi bu sahədə çox ciddi problemləri ortaya çıxarır. Mən təklif edərdim ki, 300 adda, yaxud 500 adda həyati vacib dərmanların alınıb gətirilməsini dövlət öz üzərinə götürsün. Qalan dərmanlarla bağlı isə sahibkarlara icazə, imkan verilsin ki, sərbəst satılsın. Belə olsa, bütövlükdə bu problem aradan qalxacaqdır. Mən bütövlükdə hökumətimizin ötən ildəki fəaliyyətini müsbət qiymətləndirirəm. Nazirlər Kabinetinin hesabatının qəbul olunmasının lehinə səs verəcəyəm. Hörmətli cənab Prezident başda olmaqla bizim hökumətimizə gələn ildə uğurlar arzu edirəm, bayramınız mübarək olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli cənab Baş nazir, hörmətli həmkarlar! Əlbəttə, mən də digər millət vəkilləri kimi birinci növbədə onu vurğulamaq istəyirəm ki, 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibə təkcə hökumətin, dövlətin deyil, bütövlükdə millətimizin həyatı ilə bağlı olan mühüm hadisədir. Ona görə də baxmayaraq ki, hökumətin fəaliyyətini qiymətləndirəndə silahlı qüvvələr parlament qarşısında hesabat vermirlər, ancaq bu məqam çox önəmlidir.
İkinci xüsusi vurğulamaq istədiyim məqam. Azərbaycan artıq investisiya qoyan bir ölkəyə çevrilibdir. Rusiyada, Türkiyədə bunun ümumi məbləği 30 milyard dollardan artıqdır. Gürcüstanda 3,5 milyard dollardır və sair. Bu uğurlu məqamları davam eləmək olar. Lakin düşünürəm ki, 2016-cı ili bütövlükdə çətin və mürəkkəb il kimi qiymətləndirməkdə əsasımız var. O da ondan ibarətdir ki, 2005-ci ildən başlayaraq 10 il ərzində əhalinin bütün təbəqələrinin həyat şəraitinin yaxşılaşması sahəsində gəlirlərin artması prosesi 2015-ci ildə mühüm zərbə aldı və bunu qətiyyən inkar etməli deyilik. Biz burada bu məsələləri söyləməklə hökumətə, dövlətə, hər bir vətəndaşa kömək eləmiş oluruq. Əhalinin gəlirləri kəskin şəkildə aşağı düşdü. Bu, ölkənin idxal-ixrac əməliyyatlarında, tədiyə balansında da özünü göstərməkdədir. Hər bir sahibkarlıq subyektinin illik dövriyyəsində də aparıcı yer tutmaqdadır. İşsizliyin səviyyəsi artdı və sair. Bunu axı hər birimiz bilməkdəyik, görməkdəyik və bunu söyləmək qətiyyən hökuməti hansısa sərt tələblər qarşısında qoymaq deyil, əksinə, onlara çağırış eləməkdir. Hökumətimiz neft dövründə çox səxavətli idi, amma indi hökumətimiz bir sıra sahələrdə nə qədər xəsislik eləyirsə, səxavətli dövrdə yol verilmiş nöqsanları tam qapatmaq çətindir. Mən sizə sadə bir misal deyirəm, hazırkı dövrdə biz ona əməl eləyirikmi ki, hər bir manat dövlət vəsaiti yararlı istifadə olunsun?
Bircə nümunə gətirmək istəyirəm. Mən 28 may ərazisində yaşayıram. Havaların sərt keçdiyini bilirsiniz. Bir aydan artıqdır ki, o çevrədə olan binaları üzləyirlər. Bu çox yaxşı bir layihədir. Şəhər nə qədər gözəl görünsə, o qədər yaxşıdır. Hər bir evə, hər bir binaya qoyulmuş investisiyadır. Təbii ki, dövlət bunu ən yüksək humanist məramla, investisiya məramı ilə, sosial məramla düşünür. Amma görün, bu proses necə həyata keçirilir. Binanın yola baxan hissələrinin hamısını təmir edirlər. Binanın içdə qalan hissəsi qalır. Beləliklə, adam öz-özünə düşünür ki, bu binalar niyə belə ikiüzlüdür? Bu şəkildə layihələri elədikcə sonra qabağımıza çıxır. Sonra da biz deyirik ki, iki nazirlik ətrafında hansısa cinayətlər baş verib, məhkəmə prosesləri gedir. Bəs biz onda harada olmuşuq, biz onda da bu parlamentdə idik, bu salonda idik. Sadəcə, bunları obyektiv söyləmək istəmirdik, düşünürdük ki, bu, kiminsə acığına gələr, xoşuna gəlməz. Biz on illərdir, bu parlamentdəyik, bizim dövlətə, dövlətçiliyə, cənab Prezidentə inamımız, səmimiyyətimiz, əqidəmiz sübut olunub. Təzədən bizi kiminsə sınağa çəkməsinə ehtiyac yoxdur.
Biz ötən ilin ən ağır hadisəsi olan devalvasiyanı qeyd edirik. Yüz minlərlə insan məhkəmə çəkişmələrindədir. Görün nə baş verir. Əgər manatın kursunu sabit saxlamaq mümkün deyildisə, təkcə Beynəlxalq Bankın məlum cinayətləri 10 milyard manata yaxın vəsaitlə bağlı deyil, Mərkəzi Bank da öz ehtiyatında olan 15 milyard dollardan 10 milyarda qədərini xərclədi, 4,2-yə düşdü, lakin yenə kursu saxlamaq mümkün olmadı. Təsəvvür edin, dövlətin təxminən 20 milyard dollar və manatla olan vəsaitinin xərclənməsinə baxmayaraq, manatın kursunu qorumaq mümkün olmadı, o biri yandan vətəndaş da borclu qaldı. Bu gün vətəndaşın manat şəklində verilib dollara çevrilən yükünü iki dəfə artıran məsələdə hökumətimizin də günahı var. Biz bunu deyəndə qəbahətmi olacaq?
Başqa bir məsələ. Manatı öldürən resurs təkcə neft deyil, yəni bu, bir resursdan asılı olmaq deyil. Xammaldan asılı olmaq deyil. Təsəvvür edin, bizdə istehsal olunan yağın 40 faizi, bitki yağlarının 85 faizi, şəkər xammalının 95 faizi, makaron və un məmulatlarının 50 faizi, şirniyyat məmulatlarının 50 faizi xaricdən gəlir. Halbuki bunun mühüm bir hissəsini Azərbaycanda yaratmaq mümkün idi ki, biz dollarla alacağımız idxaldan az asılı olaq və manatın kursunda bu özünü göstərməsin.
Hökumətin nəzarət sistemi ilə bağlı məsələni danışmaq istəyirəm. Nəzarət sistemimiz o qədər zəif olub ki, bir tərəfdən milyardlar talananda biz onları görməmişik, amma o biri yandan kredit vəsaitlərinə nəzarətimiz də, demək olar, yoxdur. Görün nə baş verib, dövlət əmanəti ilə alınan kreditlərin bir qismi investisiya layihələri şəklində olub. Onların bəziləri səmərəsiz olub, bu ayrı söhbətdir, “Azəralüminium”un, “Azərenerji”nin, “Azərbaycan Hava Yolları”nın dövlət qarşısında borcları 300 milyon manatdan artıqdır. Təsəvvür edin ki, o qurumların rəhbərlərindən hər hansı birini sabah işdən çıxarırlar. O adam həmin yükü dövlətin üzərində qoyub gedir. Hansısa nazir işdən çıxarılandan sonra onun dövlət üzərində qoyduğu yükü görməyə başlayırıq, deyirik ki, dövlət təzədən o vəsaiti qaytarmalıdır. Halbuki biz onu normal, şəffaf proseslərlə xərcləsə idik, o kreditlərə  o münasibət olmazdı.
2016-cı ildə iqtisadiyyatın yalnız paytaxt ətrafında təmərküzləşməsi davam edib. Baxın, Abşeron yarımadası Azərbaycan ərazisinin 10 faizini təşkil edir. Əhalimizin 40 faizi, iqtisadiyyatı burada məskunlaşıb. Əksəriyyəti burada məskunlaşıb. Niyə? Bölgələrdən aldığımız vergi 10 illərdir, 500 milyon və 700 milyon arası ilə dəyişmir. Halbuki 15 il ərzində Azərbaycan bölgələrinə, regionlarına qoyulan investisiya vəsaiti bütövlükdə ölkədə 150 milyard olub, onun 50 milyardı regionlara qoyulub. Amma bu regionların Bakı büdcəsinə, paytaxt büdcəsinə, dövlət büdcəsinə verdiyi hissənin çox az olduğunu da bilməliyik. Büdcə vəsaitlərinin bir hissəsi kənd təsərrüfatına yönəlib, mühüm dəyişikliklər var, qətiyyən inkarolunmazdır. Zatən də çox müsbət hadisədir ki, hörmətli Heydər müəllim Azərbaycan kəndini, aqrar sahəni bir az qəribə səslənsə də, deyim  ki, tanıyır, bilir, sadəcə, Bakıdan idarəçiliyə üstünlük vermir.
Rusiya bazarı ilə bağlı bir misal demək istəyirəm. Ölkə nə qədər coğrafiyaya məhsul ixrac edir, mən bu coğrafiyadan danışmıram, biz Afrikaya, Amerikaya ixrac edəsi deyilik. Amma Rusiyanın bir ildə üzüm istehlakı 250 min tondur. Onun cəmi 2000 tonu Azərbaycandan gedir. Halbuki Rusiya sanksiyalar altında idi, Türkiyə ilə münasibətləri pis idi, o bazarı menecment baxımından Azərbaycan yaxşıca tuta bilərdi. Hələ ki, baramaçılıq, pambıqçılıq bir müddət formalaşacaq sahələr deyil, amma on illərlə Azərbaycanda üzümçülük olub. Alma ilə bağlı, hörmətli Yevda müəllim burada yoxdur, amma “alma” sözünü icazə versin, biz deyək. Rusiyanın birillik istehsalı 900 min tondur, Azərbaycandan gedən isə 30 min tondan artıq olmayıb. Deməli, bunun nəticəsində ötən il qeyri-neft ixracı 28 faiz aşağı düşüb. Halbuki dediyimiz alternativ iqtisadiyyatı biz hərəkətə gətirə bilərik.
2016-cı ildə hökumət, nəhayət, dövlət qurumlarının təyinatını dəyişdi. Bizdə elə icra hakimiyyətləri var ki, baxanda elə bilirsən, bir nazirlik orada yerləşir, adını çəkmək istəmirəm, millət vəkili olan həmkarım sonra bizə irad tutacaq ki, sizdə necədir? Publik hüquqi şəxslər. Dövlət artıq dedi ki, rentabelli olmayan qurumu saxlamırıq. Çox gözəl. Maliyyə Bazarlarına Nəzarət Palatası, o cümlədən Dövlət İmtahan Mərkəzi deyir ki, mən servisimin nəticəsində nəyi qazanıramsa, onunla yaşayacağam. Amma standartlaşdırma qurumundan tutmuş Əmlak Komitəsi və sair onlarla qurum sayaram. Bunları publik şəxs eləməyə bizə nə mane olur? Əgər dövlət vəsaitini büdcədən gizləyəcəklərsə, illərlə biz onlara vəsait verəcəyiksə, onların yararlığı nədir?
Vaxtım artıq başa çatır. Sonuncu məsələni demək istəyirəm, hərçənd biz büdcə müzakirələrində deyilik, təklif səsləndirməyin, əslində, yeri yoxdur. Ancaq bu ölkədə nə qədər iş yerləri açsaq, ərazimiz artmır, əhalimiz artır. Almaniya 33–45 milyon insan üçün hesablanıb. Deməli, bizdə iş yerləri az olacaq. Deməli, biz təkcə məhsul yox, insan resursları da ixrac eləməli olacağıq. Haraya? Rusiyaya, Türkiyəyə, qonşu ölkələrə, ancaq heç olmasa, bunları əmək vərdişlərinə, sənət, peşə vərdişlərinə yiyələndirmək, rus dilinə yiyələndirmək lazımdır ki, onlar gedib ancaq bazarı tutmasınlar. Orta eşalonlara, dövlət idarəçiliyinə daşına bilsinlər. Hörmətli Ziyafət müəllim, 30 saniyə vaxt istəyirəm.
Sədrlik edən. Bir dəqiqə vaxt verin.
Z.Oruc. Təşəkkür edirəm, səxavətinizə görə çox sağ olun.  Artur müəllim, hər bir hökumətə münasibət orada çalışan insanların şəxsiyyətinə, mədəniyyətinə görədir. Bu illər ərzində mən və həmkarlarımın hamısı Sizdən ancaq yüksək alicənablıq, mədəniyyət, dürüstlük, dövlətçiliyə və Prezidentə sədaqət görüb. Siz vəzifədən nə zaman gedəcəksinz, nə qədər qalacaqsınız, bunu cənab Prezident müəyyənləşdirir. Amma yeni Baş nazir gələcəkdə Sizin xüsusiyyətlərinizi saxlasa, bu, dövlətin xeyrinə olacaq. Beləliklə, mən bu fikirləri deyərək bildirirəm ki, büdcəyə səs verəcəyəm.
Sədrlik edən. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli sədarət, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Biz artıq gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı dinlədik. Cənab Baş nazirin çox geniş, ətraflı, məzmunlu hesabatı ilə tanış olduq və gəldiyimiz qənaət ondan ibarətdir ki, bəli, 2016-cı il də dünya miqyasında kifayət qədər qəliz və çox mürəkkəb il olub. Yenə də münaqişələr, yenə də müharibələr, çox mürəkkəb beynəlxalq geosiyasi şərait. Bu şəraitdə biz 2016-cı ildə inkişaf tempimizi qoruyub saxlaya bildik. Necə oldu ki,  bu vəziyyətdə biz inkişafımızı qoruyub saxlaya bildik, bu sualın cavabını dünən ölkə Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən Qlobal Forumda açıqladı və qeyd elədi ki, bu mürəkkəb dünyada biz ada deyilik və ətrafımızda baş verən mürəkkəb geosiyasi reallıqlar şəraitində ona görə bu nailiyyətimizi, müvəffəqiyyətimizi qoruyub saxlaya bilmişik ki, ilk növbədə bizdə güclü siyasi iradə var. İkinci növbədə bizdə səfərbər olunmuş cəmiyyət və iqtidarla xalq arasında birlik var. Bu 3 əsas cəhət bugünkü inkişafımızı və iqtisadi sahədəki nailiyyətlərimizi şərtləndirən ən əsas amillərdir.
Mən bugünkü yaranmış fürsətdən istifadə edib ilk növbədə öz seçicilərimin hökumətin bu fəaliyyəti ilə bağlı mövqeyini, yanaşmalarını söyləmək istəyirəm. Fikrim də ondan ibarətdir ki, il ərzində mən seçicilərimin nümayəndəsi olaraq bir çox nazirliklərə müraciət etdim, onları narahat eləyən məqamlarla bağlı mövqelərini açıqladım. Bu gün qeyd etmək istəyirəm ki, bir çox nazirlik və komitələrin fəaliyyətindən öz razılığımı ifadə edirəm. Sözün həqiqi mənasında, onlar seçicilərin problemlərinin həlli istiqamətində bizim müraciətimizə dərhal, yerindəcə cavab verərək ciddi işlər görüblər. Bu baxımdan qeyd etmək istəyirəm ki, bizim Daxili İşlər Nazirliyinə müraciətlərimiz dərhal qeydə alınıb və onların həlli istiqamətində ciddi operativ işlər görülüb. Fövqəladə Hallar Nazirliyinə müraciətimiz Göyçay və Ağdaş rayonlarında qəzalı vəziyyətdə olan binaların və yataqxanaların sökülməsi ilə, oradakı təhlükəsizlik məsələləri ilə bağlı idi, həmin məsələlərin həlli istiqamətində işlər dərhal öz həllini tapdı. Xüsusi qeyd etmək istəyirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinə olan müraciətlərimizə yerindəcə, dərhal cavab verilir. Xüsusilə reyestr çıxarışları ilə bağlı müraciətlərimiz operativ şəkildə öz həllini tapıb. Bizim müraciətlərimiz daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə olub və bu nazirlikdən də bizim müraciətlərimizə dərhal cavab verilib.
Göyçay və Ağdaşda sahibkarlarla görüşlərimizdə açıq şəkildə qeyd etdilər ki, bu gün gömrük sahəsində ciddi islahatlar gedir, şəffaflıq kifayət qədər artıb. “ASAN xidmət” isə sözün həqiqi mənasında, bizim brendimizdir, harada olsaq, dünyanın hər yerində “ASAN xidmət”i artıq tanıyırlar və biz də  fəxrlə onun adını qeyd edirik. “ASAN xidmət”in fəaliyyəti həqiqi mənada çox yüksək dəyərə layiqdir.
Mən vaxtdan istifadə edib Göyçay və Ağdaş rayonlarında olan bəzi məsələləri də qaldırmaq istəyirəm. İlk növbədə Göyçay şəhərində məskunlaşmış köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələni söyləmək istəyirəm. Nəzərə alsaq ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ilk müşavirəsi məhz məcburi köçkünlərin və qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələyə həsr olundu, deməli, bu məsələlər, həqiqətən də, dövlət siyasətinin mərkəzində dayanır və bu kontekstdə Göyçay rayonunda daimi yaşayış yerini məcburi olaraq tərk etmiş 1830 nəfərdən ibarət 540  köçkün ailəsi yaşayır. Bu ailələr, əsasən, uşaq bağçalarında, məktəblərdə, yataqxana binalarında yaşamağa məcburdurlar. Bizim icra hakimiyyəti ilə danışıqlarımız əsasında icra hakimiyyəti həmin köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı torpaq sahələrinin ayrılmasına və kommunikasiya xətlərinin çəkilməsinə kömək edəcəyini bildirib və bu istiqamətdə hesab edirəm ki, hökumətin də dəstəyinə böyük ehtiyac var.
Çoxmənzilli yaşayış binalarının tikilməsi məsələsi bu gün çox aktualdır. Eyni zamanda, qeyd edim ki, təhsil sahəsi strateji sahədir və bu sahəyə dövlətimizin başçısı xüsusi diqqət ayırır. Göyçay rayonunda  2003–2014-cü illərdə 13 məktəb binası və uşaq bağçası istifadəyə verilmiş, 8 məktəb binası, 2 uşaq bağçası əsaslı şəkildə yenidən qurulmuşdur. Amma bununla yanaşı, mən hörmətli təhsil nazirinin də burada olmasından istifadə edərək qeyd etmək istəyirəm ki, Göyçay şəhərində 9 saylı tam orta məktəbin binası 1964-cü ildə istifadəyə verilib və çox qəzalı vəziyyətdədir. Bundan savayı Ləkçılpaq kəndinin 1 saylı tam orta məktəbi analoji vəziyyətdədir. Göyçay şəhər 8 və 13 saylı körpələr evində vəziyyət bərbaddır. Bundan savayı Qarabağlar kəndində uşaq bağçası 1976-cı ildə istifadəyə verilib və biz yerindəcə tanış olanda gördük ki, bunun, həqiqətən də, uşaq bağçası kimi fəaliyyət göstərməs çox çətindir, bu məsələyə xüsusi diqqət ayrılmasına ehtiyac var.
Eyni zamanda, qeyd etmək istərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizim müraciətlərimizə hər zaman diqqət ayırır. Bizim növbəti xahişimiz də var. İlk növbədə 15 Qarabağ müharibəsi əlili və 12 şəhid ailəsi Göyçay şəhərində yaşayır və onlara da mənzil problemlərinin həlli istiqamətində köməklik göstərilməsinə böyük ehtiyac var. Mən seçicilərimlə görüşəndə bu qrupdan olan insanlar, Qarabağ və şəhid ailələri müraciət edirlər ki, mənzil probleminin həllinə dövlətimiz köməklik göstərsin.
Eyni zamanda, Ağdaş rayonunda da qəzalı vəziyyətdə 9 körpələr evi və uşaq bağçası var. Əsaslı təmirə ehtiyacı olanların sayı 16-dır. Bununla bağlı biz nazirliyə də müvafiq məktubla müraciət edəcəyik. Mən qısaca bunları söyləmək istədim və qənaətim ondan ibarətdir ki, mən də həmkarlarım kimi hökumətin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatını qənaətbəxş hesab edirəm, ona səs verəcəyəm. Biz inanırıq ki, cənab Prezidentin də qeyd etdiyi kimi, 2017-ci il Azərbaycanda iqtisadi artım ili kimi tarixə düşəcək. Təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli qonaqlar! Çalışacağam, qısa danışım. Dünyada baş verən təbii iqtisadi proseslər, böhran Azərbaycandan da yan keçməyib. Bunu biz qeyd etməliyik. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında bizə təqdim olunmuş 500 səhifəyə yaxın kitabda hökumətin gördüyü işləri oxuduqda və təhlil etdikdə məlum olur ki, belə bir çətin durumda Azərbaycan hökuməti çox gərgin də olsa böhrandan çıxmağı bacarmış və Azərbaycan xalqının  rifahı naminə müəyyən uğurlu islahatlarını davam etdirmişdir.
Kənd rayonundan seçilmiş millət vəkili kimi mən seçicilərimi maraqlandıran bir neçə qurumda baş verən islahatları qeyd etməklə, təbii ki, sonda öz fikrimi bildirəcəyəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Kür–Arazboyu rayonlarda meliorasiya və su təsərrüfatı ilə bağlı insanlar həmişə maraqlıdırlar, çünki baş verən faciələr və təbii fəlakətlər göz qabağındadır. Hesabatdan məlum olur ki, ötən ildə 61,5 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. Çox böyük bir rəqəmdir, həm də təhlükəsizlikdir. 6246 hidrotexniki qurğunun, 5352  subartezian nasosunun və sairin təmir edilməsi qeyd olunur, yəni hansısa təbii fəlakət üzə çıxarsa, dərhal bunun qarşısının alınması üçün işlər görülüb. Kür–Araz və onlara qoşulan dağ çayları boyunca isə torpaqları mühafizə bəndləri artıq 47 km-ə qədər uzanmışdır, bu da insanların təhlükəsizliyinə xidmət edən məqamdır.  Yerlərdə ötən illərdə olduğu kimi, insanları narahat edən məqamlardan biri də “Azərişıq”la bağlı idi. Bu gün tam ürəklə demək olar ki, “Azərişıq” tərəfindən istehsalçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün regionlarda elektrik paylayıcı şəbəkələrinin inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Bu gün insanlar, demək olar ki, işıqla bağlı heç bir problemlə üzləşmirlər və bu da “Azərişıq”ın gördüyü ən böyük nailiyyətlərdən biridir.
Nəqliyyat sahəsində dəmir yolunu qeyd etməmək mümkün deyil. Xüsusilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin öz vəsaiti hesabına bir müasir qatar, eyni zamanda, 591 müxtəlif təyinatlı yük vaqonu, 8 teplovoz alması dəmir yolunda olan passiv və dayanıqlı bir məqamdan artıq irəliyə və sıçrayışa doğru addım kimi qiymətləndirilməlidir. Artıq insanlar rayonlardan şəhərə gələrkən dəmir yoluna üstünlük verirlər, çünki bu təhlükəsizdir, rahatdır və ucuzdur. Ona görə belə hesab edirəm ki, bu işləri davam etdirmək lazımdır və bu sahədə də bu qurumun rəhbərliyinə, təbii ki, uğurlar arzulayırıq. Çətin, iqtisadi bir durumda bu cür islahatları həyata keçirə bilirsə, ona təşəkkür düşür. Xüsusilə qeyd etmək istəyirəm ki, müasir texniki avadanlıqla təchiz edilmiş “ASAN qatar”ın konsepsiyasının reallaşması da, təbii ki, insanlara rahatlıq və məmnunluq üçün edilmiş bir töhfədir. Hamı üçün və bölgələr üçün də maraqlı olan “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması artıq son həddədir və biz bunun da, təbii ki, uğurlu nəticəsini gözləyirik.
Səhiyyə sahəsində əvvəllər, təbii ki, müxtəlif şikayətlər, müxtəlif dərman çatışmazlıqları və sair olurdu. Amma son illərdə aparılan islahatlar və eyni zamanda, əhalinin sağlamlığının qorunması və səhiyyə sektorunun inkişafı istiqamətində görülmüş işlər artıq bu narahatçılığa son qoyur və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin profilaktik müayinələrinin davam etdirilməsi və ümumilikdə 5,3 milyon insanın təmənnasız və pulsuz olaraq müayinədən keçirilməsi olduqca böyük göstəricidir. Bu müayinə zamanı çoxsaylı xəstəliklərin erkən müəyyən olunması və müalicəyə cəlb olunması, təbii ki, Azərbaycan xalqının rifahına xidmət edən məqamlardan biridir. Burada qan xəstəlikləri, böyrək çatışmazlığı, şəkərli diabetlə bağlı çox böyük uğurlu işlər gedir ki, biz bunu qeyd etməyə bilmərik.
Ədliyyə sahəsində və qanunvericilikdə 2016-cı ildə də  Ədliyyə Nazirliyinin üzərinə qanunvericiliklə düşən vəzifələrin icrasından müsbət gəlməsi ilə bağlı hesabatda çox gözəl məqamlar var.
Mən  bir şeyi qeyd etmək istəyirəm ki, Ədliyyə Nazirliyi tərəfindən 2949 aktın hüquqi ekspertizadan keçirilməsi və eyni zamanda, 1114 normativ hüquqi akt layihəsinin hazırlanması, 3048 sənədin hüquqi dövlət reyestrinə daxil edilməsi çox böyük göstəricidir. Elektron notariatın, doğum evlərində şəhadətnamələrin verilməsinin səyyar xidməti, “elektron məhkəmə” informasiya sistemi sahəsində yeniliklər, penitensiar sahədə aparılan islahatlar uğurlu işlərin aparılmasına bir işarədir. İcra və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumlara yeni kadrların təyin olunması bu sahədə artıq canlanmanın şahidi olmağımıza imkan verir. Ölkədə korrupsiya ilə bağlı hesabatda da qeyd olundu, bu sahədə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və digər qurumlarla birlikdə aparılan islahatların şahidiyik. Qaynar xətt gecə-gündüz fəaliyyət göstərir və il ərzində 23 müraciət üzrə cinayət işinin başlanması, ümumilikdə bir il ərzində 2241 vətəndaşın qəbul olunması və 480 cinayət işi üzrə ibtidai istintaqın aparılması həmin sahədə aparılan uğurlu islahatların nəticəsidir. Hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı isə Daxili İşlər Nazirliyi tərəfindən respublikada və eləcə də onun ayrı-ayrı bölgələri üzrə əməliyyat şəraitini nəzarətdə saxlamaqla cinayətkarlığın dinamikasında baş verən dəyişikliklərlə əlaqədar zəruri tədbirlərin hazırlanması və həyata keçirilməsi nəticəsində ölkədə sabitliyin qorunması ilə bağlı atılan addımlar və burada bu qurumun texniki vasitələrlə təchiz olunması, 102 xidmətinin, şəhər təhlükəsizlik xidmətinin əhatəsinin daha da genişləndirilməsi, təbii ki, müsbət qiymətləndirilməlidir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi tərəfindən 11853 yanğın hadisəsinin qarşısının alınması və operativ olaraq 250 nəfərə yaxın insanın xilas olunması və qəzaların baş verməsinin öncədən qarşısının alınması bu qurumun işinin uğurla təşkil olunması ilə bağlıdır.
Bayaq həmkarlarım tərəfindən qeyd olundu və hesabatda da görünür ki, gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər öz nəticəsini vermişdir və büdcəyə daxilolmalar artmışdır. Eyni zamanda, mən qeyd etmək istərdim ki, gömrük orqanları tərəfindən ölkədən valyuta və digər qiymətli əşyaların çıxarılmasının vaxtında qarşısının alınması, ölkəyə keyfiyyətsiz malların gətirilməsi ilə bağlı görülən tədbirlər və onların qarşısının alınması müsbət dəyərləndirilməlidir. Mən sonda, təbii ki, bir təklifimi deyəcəyəm, amma dövlət əmlakının idarə edilməsi, özəlləşdirmə və daşınmaz əmlakın dövlət  qeydiyyatı ilə bağlı bu qurumda aparılan işlər də saysız-hesabsızdır və belə hesab edirəm ki, bu qurumda şəffaflığın təmin olunması və insanlara çıxarışların kütləvi verilməsinin biz hamımız şahidiyik və heç bir dövlətdə mən görməmişəm ki, dövlət qurumları insanların qapısına gedib onlara yerindəcə kütləvi çıxarış versinlər. Bütün bunlar, təbii ki, faydalı işin nəticəsidir.
Sonda bəzi təkliflərimi vermək istəyirəm. Hörmətli Artur müəllimin burada iştirakından istifadə edərək xatırlatmaq istəyirəm ki, Milli Məclisdə bəzi rayonların şəhər inzibati ərazisinin dəyişdirilməsi ilə bağlı yaxın ərazilərin şəhər inzibati ərazisinə verilməsi ilə bağlı qərarlar qəbul etmişik. Amma bu günə qədər həmin ərazilərin təyinatı dəyişdirilməyib və insanlar bilmirlər ki, şəhər mərkəzinə yaxın ayrılmış həmin torpaqlarda mal-qaraya baxsınlar, taxıl əksinlər, yoxsa şəhərin infrastrukturuna uyğun tikinti və yaxud abadlıq işləri aparsınlar. Mən elə hesab edirəm ki, bu qanunu qəbul etmişiksə, bunun mütləq təyinatının dəyişdirilməsində addımlar atılmalıdır. Eyni zamanda, vergi qanunvericiliyində istifadə olunmayan torpaqların hər hektarına görə ildə 1000 manata qədər cərimə nəzərdə tutulur. Ona görə bu məsələnin tezliklə həll olunması olduqca məqsədəuyğun olardı.
Qazlaşdırma ilə bağlı regionlarda siyasət yenə də davam etdirilməlidir. Cənab Prezident qeyd edib ki, ölkənin bütün ərazisi qazlaşdırılacaq. Belə hesab edirəm ki, bununla bağlı bir balaca siyasətimizi gücləndirməliyik. Torpaqlarla bağlı möhtərəm Prezident son müşavirədə qeyd etdi ki, biz bir sahəni inkişaf etdirməklə, xüsusilə pambıqçılığı nəzərdə tuturam, digər sahələri zərbə altına qoya bilmərik. Amma indi heyvandarlıq üçün ayrılmış torpaqların, – hətta onlara kreditlər verilib, – heç bir sorğu-sual aparmadan müqavilələrinin ləğv edilib geri alınması heyvandarlığın inkişafına böyük zərbə olacaq. Mən rayonların hesabat yığıncağında demişəm, belə getsə, tezliklə Azərbaycanda ətin kilosu 20 manata qalxacaq. Ona görə bu məsələləri balanslaşdırılmış ağıllı bir siyasət qurmaqla həyata keçirmək lazımdır. Təbii ki, mən də hökumətin hesabatını müsbət dəyərləndirirəm və həmkarlarımı da bu hesabata səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli Baş nazir, millət vəkilləri, hökumət üzvləri və media mənsubları! Mən ilk öncə hər birinizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm və Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabata səs verəcəyəm. Mən də həmkarlarım kimi hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi altında çətin bir dövrdə ciddi işlər görüldü ki, insanlarımız bu çətinlikləri hiss etməsinlər və inanırıq ki, bu işlər bundan sonra da davam edəcək. Mən bir neçə məsələyə toxunacağam.
Birincisi, təbii ki, hər millətin və dövlətin inkişafında təhsilin xüsusi yeri var və bizim üçün ən vacib məsələ ondan ibarətdir ki, bizim bölgələrimizdə, kəndlərimizdə gənclərimizin ali təhsil dalınca getməsi məsələsi hər zaman xüsusi diqqət mərkəzində olsun. Təhsil sahəsində xeyli islahatlar gedir, işlər görülür, amma çox ciddi bir məsələ var ki, bunu kənd rayonlarını təmsil edən millət vəkillərinin hamısı bilir. Söhbət ondan gedir ki, bu məsələ bir neçə dəfə burada qalxıb və hörmətli Samir müəllim də buna münasibət bildirib. Bizim böyük universitetlərimizin bir çoxunun yataqxanası yoxdur. Rayonlardan uşaqlar təhsil almağa gəlirlər, bu uşaqlar harada qalacaqlar?
Məsələn, buradakı insanların bir çoxu Bakı Dövlət Universitetini bitirib. Bakı Dövlət Universiteti kimi 18 min tələbəsi olan universitetin bir dənə tələbə yataqxanası yoxdur. Sovetlər dövründə bu universitetin 7 yataqxanası var idi, indi bunun 3–4-ü söküldü ki, yerində yeni yataqxana tikiləcək. 3–4-ü də çox ağır vəziyyətdədir və orada tələbələr qalmır. Kəndlərdən gəlib təhsil alan tələbələr və onların ailələri üçün çox çətindir. Çünki dövlət universitetlərimizin onsuz da yarısı təxminən ödənişli ali təhsil verir. Bu ailələr övladlarına təhsil haqqımı versinlər, yemək xərcimi versinlər, geyim xərcimi versinlər, yoxsa kirayə xərcimi versinlər? Bakıda kirayələrin nə qədər baha olduğunu hamımız bilirik. Ona görə mən hökumətimizdən və hökumət üzvlərimizdən xahiş edirəm ki, bizim bu dövlət universitetlərimizin yataqxanaları ilə bağlı məsələ, – keçən dəfə də bu vurğulandı ki, bu məsələ gündəmdədir, diqqətdədir, – həllini tapsın. Amma hələ ilkin addımlar atılmayıb. Buna çox ciddi ehtiyac var. Tələbələrlə bağlı məsələyə toxunmuşkən bizim hörmətli nazirimiz Ramin Quluzadə də buradadır və bilirik ki, o bu sahədə ciddi araşdırmalar, tədqiqatlar üçün göstəriş verib. Bu, ictimai nəqliyyat üzərində nəzarətin gücləndirilməsidir. Bir neçə gün bundan əvvəl Bakı–Sumqayıt yolunda qanunsuz ictimai nəqliyyat növü faciə törətdi. Nə qədər tələbəmiz həyatını itirdi. Nə qədər yaralı oldu. Biz o yaralı tələbələrə baş çəkəndə onlar bu nəqliyyat növündən danışarkən insan, sadəcə, dəhşətə gəlirdi ki, necə olub ki, belə bir ictimai nəqliyyat növü hamının gözü önündə fəaliyyət göstərə bilib. Ona görə də bu məsələyə diqqəti artırmağa çox ehtiyac var.
Mənim həmkarım Sahib Alıyev burada bir məsələyə toxundu. Mən də fürsətdən istifadə edib onu dəstəkləyərək demək istəyirəm ki, bəli, vaxtilə bizim cümhuriyyət dövrümüzün daxili işlər naziri olan və erməni daşnakları Azərbaycanda böyük soyqırımı törədəndə ona qarşı fəal mübarizə aparan Behbud xan  Cavanşirin 170 illiyidir. Behbud xan Cavanşiri ermənilər ömrü boyu təqib elədilər və sonda İstanbulda Pera-Palas önündə Misak Torlakyan onu qətlə yetirdi. Məhkəmədə ona ağır cəza istənilsə də, o, Daşnaksütyunun üzvü olduğu üçün onu qaçırdılar və bu qətli törədən o qatil, cani heç bir cəza almadan qaçıb gizlənməyə nail ola bildi. Bu yaxınlarda Türkiyədə böyük bir tədbir olacaq. Yaxşı olar ki, Behbud xan Cavanşirin xatirə lövhəsi və ya abidəsi qoyulsun. Çünki belə bir xatirə lövhəsi və abidə yoxdur. Bu abidənin qoyulması erməni terrorunu dünyaya daha güclü şəkildə duyurmamızda çox yetkin bir tədbir olardı.
Burada Əli müəllim Hüseynli ədliyyə sahəsində, məhkəmə qərarlarının icraatında görülən işlər barədə vurğuladı. Təbii ki, biz bütün bu müsbət işləri təqdir edirik. Amma bir az öncə biz ədliyyə nazirinin müavini hörmətli Vilayət müəllimlə də bunu danışdıq. Məhkəmə qərarlarının içərisində bir hissə var ki, bununla bağlı problemlər, çox təəssüf ki, azalmır. Söhbət alimentlərlə bağlı məhkəmə qərarlarının icrasından gedir. Biz yüzlərlə insanın ciddi bir problemindən danışırıq ki, bəlkə bunun bir mexanizm yolu düşünülsün. Düzdür, bir sıra qanunvericiliklərə əlavələr və dəyişikliklər edildi. Amma görürük ki, yenə də alimentlər ilə bağlı məhkəmə qərarlarının icrasında ciddi narahatlıqlar var. Yüzlərlə ailə, insan, körpə uşaqları ilə tək qalmış analar çarəsiz vəziyyətdə millət vəkillərinə, müxtəlif qurumlara müraciət edirlər.
Mənim qaldıracağım bir məsələ də ondan ibarətdir ki, təbii, səhiyyə sahəsində islahatlar gedir, tibbi sığorta ilə bağlı işlər görülür. Amma hələ ki, bizdə tibbi sığorta tam həyata keçirilməyib, genişlənməyib. Hələ ki, biz onu ilkin mərhələdə başlayırıq. Bu gün ölkəmizdə orqan köçürülməsi ilə bağlı, sadəcə, cüt və arta bilən orqan köçürülməsi əməliyyatları keçirilir və bu əməliyyatların qiyməti çox bahadır. Bunun içərisində əlavə dəyər vergisi də var. Yaxşı olmazmı ki, heç olmasa, tibbi sığortanın tətbiqinə qədər əlavə dəyər vergisi bunun üzərindən götürülsün. Çünki böyrək əməliyyatı 10 min manatdan bahadır, qara ciyər əməliyyatı təxminən 30 min manat civarındadır. 18 faiz az rəqəm deyil, nə qədər ailəyə kömək olar. Ailələr də bu istiqamətdə xahiş edirlər, biz də xahiş edirik ki, hökumətimiz bu məsələyə baxsın.
Həmkarlarımdan biri rayonla bağlı məsələləri dedi. Təbii ki, həllini tapan məsələlər də var, həllini gözləyən məsələlər də. Cənab Prezidenti biz hər zaman izləyirik, baxırıq. Hökumətin toplantılarında verdiyi tapşırıqlar var, daha ağır məsələlər haradadırsa, ilk öncə orada əhalimizə dəstək olmağımız lazımdır. Rayonlarda iş görəndə daha çox nazirliklərimiz bu istiqamətdə yanaşmaları ortaya qoysalar yaxşı olar. Məsələn, içməli su ilə bağlı işlər görüldü. Təbii ki, müsbət işlərin hamısını təqdir edirik. Amma burada bir məsələni qaldırmışdıq, 4 kilometr borunun ucbatından təxminən 20 min əhali içməli suyu pul ilə alır. Qorxmaz müəllim buradadırsa, eşidir, bu məsələ Tovuzun kəndləri ilə bağlıdır. Mən ona da demişəm. Cəmi 4,5 kilometr borunun ucbatından minlərlə insanın içməli suyu pul ilə alması doğru deyil. Məncə, bu çox böyük maliyyə istəmir, amma daha çox insanın problemini həll edir. Bu cür yanaşmanın ortaya qoyulması daha yaxşı olar.
Yəqin ki, “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər müəllim də buradadır. Biz bu məsələni neçə dəfə vurğulamışıq. Ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım da ilk toplantısını məhz qaçqın və məcburi köçkünlərin problemləri üzərində quraraq bir mesaj verdi. Tovuzun da bir kəndi var ki, orada qaçqınlar məskunlaşıb. Mən bunu vurğulamışam. Bir tək o kənddən başqa bütün qonşu kəndlərə qaz verilib. Bu da insanlar arasında xoş olmayan ab-hava yaradır. Hər dəfə bu məsələ həll olunacaq deyilir. Amma görürük ki, öz həllini tapmır. Mən bu dəfə də xahiş edirəm, oradakı insanların əksəriyyətinin Ermənistandan qaçqın düşmüş insanlarımız olduğunu nəzərə alaraq bu məsələyə xüsusi diqqət göstərilsin.
Məktəblər ilə bağlı eyni yanaşmadır. Hörmətli təhsil nazirimizlə bunu danışmışıq. Bəzi kəndlər var ki, çox böyük kənddir, əhalisinin sayı da çoxdur, orada məktəb uçma təhlükəsi qarşısındadır. Bu kəndin başqa məktəbi də yoxdur. Məsələn, mən Bozalqanlı məktəbi ilə bağlı demişəm ki, sovetlər dönəmində ən böyük kimya laboratoriyası o məktəbdə idi, oranın böyük nəticələri var idi. Amma bu gün uçma təhlükəsindədir. Belə məsələlərdə ilk öncə harada daha ağır vəziyyət varsa, oradan başlanması yaxşı olar. Suvarma ilə bağlı burada məsələlər qaldırıldı. Mən Tovuz rayonu ilə bağlı olan fikirləri dəstəkləyirəm. Sonda bu hesabatı dəstəkləməklə bərabər hörmətli Əli müəllimin Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyimizi artırmaq ilə bağlı təklifini dəstəkləyirəm və hesab edirəm ki, elə millət vəkilləri kimi ilk olaraq biz bu çağırışları etməliyik. Çünki silahlı qüvvələrimizə yardım hamımızın borcudur. Bu gün biz aprel hadisələrindən sonra da ordumuzun artan gücü ilə görülən işlərə öz dəstəyimizi daha da artırmalıyıq. İnanıram ki, bütün həmkarlarım və cəmiyyətimiz bu istiqamətdə təklifləri dəstəkləyəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Hörmətli Oqtay müəllim, hörmətli Artur müəllim, əziz həmkarlarım və hökumət üzvləri! Təbii ki, biz hökumətimizin hesabatını müsbət qiymətləndiririk. Xüsusilə nəzərə alsaq ki, dünyada olan sosial, iqtisadi istiqamətlər çox ciddi bir problem ilə üzləşmişdi. Azərbaycan hökuməti başda cənab Prezident olmaqla çox ciddi islahatlar həyata keçirərək, sosial ödənişləri, insanların gündəlik həyatı ilə bağlı olan bütün məsələləri yüksək səviyyədə həyata keçirmişdir. Ümumiyyətlə, istiqamətlərin ən vacibi iqtisadiyyatı qoruyub saxlamaq, sahibkarlığın inkişafına təkan verməkdir ki, bu istiqamətdə də, mənə elə gəlir, hökumət bu vəzifələri çox layiqincə həyata keçirmişdir.  Bir neçə istiqamət var ki, mən xüsusi vurğulamaq istəyirəm və icazə versəniz, çox qısa şəkildə öz ciddi fikirlərimi bildirərəm.
Təbii ki, dünyada gedən bu iqtisadi proseslər Azərbaycana da təsir eləmişdi. Mənə elə gəlir ki, ən vacib istiqamətlərdən biri bu gün bizim üçün Nazirlər Kabinetinin çərçivəsində olan koordinasiyadır. Mən düşünürəm ki, çox ciddi addımlar atılmışdır və eyni zamanda, bu istiqamətdə yenə də müəyyən işlər görülə bilər. İnfrastruktur layihələr ilə bağlı son zamanlarda iqtisadiyyatın genişləndirilməsindən ötrü müxtəlif istiqamətlərdə yeni iş yerlərinin açılması üçün infrastruktur layihələr həyata keçirilir. Bu çox düzgün addımdır və biz böhran zamanı Amerika Birləşmiş Ştatlarındakı vəziyyəti nəzərə alsaq, görərik ki, o zamanlar yeni yolların salınması, binaların, məktəb və xəstəxanaların tikintisi ilə bağlı iş qüvvəsinin artırılmasına və eyni zamanda, iqtisadiyyatın geniş sahəyə malik olmasına gətirib çıxarmışdır. Ona görə bu addım çox düzgün addımdır. Sadəcə olaraq, mən çox istərdim ki, – yəqin, həmin o qurumların nümayəndələri buradadırlar, – həmin o infrastruktur layihələr həyata keçiriləndə çox ciddi koordinasiya edilməlidir. Biz hərdən yolların və ya qaz, su borularının çəkilməsində bunu görürük. Müəyyən koordinasiyanın olmamasına görə bu istiqamətdə daha ciddi nəzarət olmalıdır ki, burada koordinasiya yüksək səviyyədə həyata keçsin.
Tenderlərlə bağlı. Siz bilirsiniz, son zamanlar müxtəlif istiqamətlər üzrə bu problemlər ortaya gəlir. Tenderlərin həyata keçirilməsində, orada qalib gələn şirkətlərin həmin işi görüb-görə bilməməsinə uyğun olaraq tenderləri qazanmasında və sair kimi məsələlərdə, çox təəssüf ki, bəzən neqativ hallar da mövcuddur. Ona görə mən çox xahiş edirəm ki, Artur müəllimin nəzarəti altında və ya hansısa digər qurumun nəzarəti altında tenderlərlə bağlı nəzarət gücləndirilsin. Mən bilirəm ki, tender komissiyalarında müxtəlif dövlət qurumlarının nümayəndələri olur. Amma bəzən bu məsuliyyət bölüşdürülmür. Məsuliyyət bölüşdürülməlidir, hər bir qurum öz adından danışmalıdır və xüsusi olaraq bildirməlidir ki, filan və yaxud digər şirkət bu işi görə bilər, yoxsa yox.
Su və qaz təchizatı ilə bağlı  burada mənim həmkarlarım dedilər, mən bu məsələdə dərinə getmək istəmirəm. Yaxşı olardı ki, hər il biz hesabatlarda itkilərlə bağlı ümumi istiqamətləri görək. Amma biz bilirik ki, müəyyən itkilər var və bu itkilər ildən-ilə azalmalıdır. Mən çox istərdim ki, həmin o qurumlar bu itkilərlə bağlı həm məlumat versinlər, həm də bu istiqamətdə ciddi addımlar atsınlar ki, gələcəkdə belə itkilər olmasın. Bu gün mövcud olan texnologiya imkan verir ki, bu itkilərin qarşısı alınsın.
Kənd təsərrüfatına hesabatda mühüm bir yer ayrılmışdır. İnanıram ki, bu istiqamətdə bizim işimiz davamlı olacaq. Bu gün  Azərbaycanın ən prioritet məsələlərindən biri, – cənab Prezident  bunu bütün çıxışlarında, proqramlarında xüsusi olaraq vurğulayıb, – məhz kənd təsərrüfatıdır. Mən inanıram ki, atılan addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.
Məşğulluqla bağlı biz bu gün müxtəlif qəbullar keçirəndə müəyyən məsələlər gündəmə gəlir. Bu günə qədər müraciət etdiyim qurum heç bir zaman bizi cavabsız qoymayıb. Amma Dövlət Məşğulluq Xidmətinin təkmilləşdirilməsinə böyük ehtiyac var. Yəni bəzən onların verdiyi cavablar eyni istiqamətdə olan cavablardır, mətn də eyni olur. Bu barədə mən Səlim müəllimə məlumat vermişəm, çox xahiş edərdim ki, məşğulluq idarələri xüsusi qrup insanlar ki var, onlara diqqət ayırsınlar. Bu həm aprel döyüşlərində iştirak etmiş insanların qohumlarıdır, yaxınlarıdır, həm də ümumiyyətlə, əsgərlikdən yeni qayıtmış gənclərimizdir. Buna prioritet məsələ olaraq baxılmalıdır. Ona görə məşğulluq idarələri çox ciddi şəkildə bu işlərlə məşğul olmalıdırlar. 
Bir məsələ də var. İndi hökumət üzvləri burada olduğuna görə vurğulamaq istəyirəm. Əvvəllər hər bir nazirliyin nəzdində kollegiyalar mövcud olardı. Kollegiyaların vacibliyi ona görə lazımdır ki, bu istiqamətdə olan strategiyanın müəyyənləşməsində bir köməklik olsun. Yaxşı olardı ki, bu kollegiyalarda Milli Məclisin üzvləri də iştirak etsinlər. Müəyyən işlər görülür. Biz bəzən bu gözəl işləri, ola bilsin, ictimaiyyətə təqdim edə bilmirik. Xüsusi olaraq Təhsil Nazirliyində həyata keçirilən islahatları vurğulamaq istəyirəm. Təhsil sahəsi çox ağrılı bir sahədir. Amma buna baxmayaraq, strateji istiqamətlər müəyyənləşib və indi bu istiqamətdə addım-addım işlər də görülür. İqtisadi İnkişaf Nazirliyinin  fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Ağır dövrdə İqtisadi İnkişaf Nazirliyinin həyata keçirdiyi layihələrin, eyni zamanda, qanunvericilik təşəbbüslərinin də biz hamımız şahidi olduq. Milli Məclisin Aparatına təşəkkür bildirmək istəyirəm ki, bu qanunvericiliklərin həyata keçirilməsində həm deputatlar arasında, həm də ictimaiyyət arasında çox çevik şəkildə böyük işlər aparıldı ki, biz bu islahatlar paketini qəbul edə bildik.
Neft Fondunun fəaliyyəti də bu gün çox müsbətdir. Yəni neftin qiymətinin düşməsinə, dünyada ümumi böhran olmasına baxmayaraq, Neft Fondunun çevik siyasəti də bu gün göz qabağındadır. Ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatlar təkcə bu gün deyil, bir neçə ildən sonra da  bir nümunə kimi təqdim olunacaq. Bu bir faktdır ki, bütün dünya bu gün iqtisadi böhran içərisindədir. Amma Azərbaycanın bir dənə də olsun vacib istiqaməti təxirə salınmayıb.
Gənclər və idman istiqamətində nə planlaşdırılmışdırsa, hamısı həyata keçirilib. Bizim siyasi uğurlarımız da bu gün göz qabağındadır. Təbii ki, Artur müəllimin təcrübəsi, bu istiqamətdə olan insanlara yanaşması çox vacibdir. Ona görə mən bir daha bizim hökumət üzvlərini bayram münasibəti ilə təbrik etmək istəyirəm. Bizim millət vəkillərimizi təbrik etmək istəyirəm,  onlara uğurlar arzulayıram. Biz heç bir zaman imkan verə bilmərik ki, müstəqilliyimiz əldən getsin və hansısa qurumlar bizə müəllimlik etsinlər.  Biz məsləhətləri qəbul edə bilərik, necə ki, bu gün hökumətimiz bunu edir. Amma biz başa düşməliyik ki, müstəqilliyimiz bizə lazım olan bir nemətdir. Mən çox şadam ki, bu gün hökumət üzvləri arasında birlik var. Bu istiqamətdə ciddi işlər görülür. İnanıram ki, yaxın gələcəkdə biz bunun bəhrəsini görəcəyik. Mən Nazirlər Kabinetinin 2016-cı il hesabatını müsbət qiymətləndirirəm və ona səs verəcəyəm. Çox sağ olun.
 Sədrlik edən. Sağ olun. 1 və ya 2 çıxışımız qalıb. Buyursun Nəsib Məhəməliyev.
N.Məhəməliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, həmkarlar! İndiki qloballaşan dünyada beynəlxalq hüquq normalarının deqradasiyaya uğradığı və iqtisadi çəkişmələrin getdiyi bir dövrdə Azərbaycan üçün ən mühüm məsələ ictimai-siyasi sabitliyin qorunmasıdır. Bütün bu geosiyasi münaqişələrin fonunda cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bir dövlət olaraq bu məsələlərin öhdəsindən layiqincə gəlir. Biz burada 2016-cı ilin hesabatını, hörmətli Baş nazir Artur Rasizadənin məruzəsini dinlədik. Daha  öncə hesabatla tanış olmuşduq. Hesab edirəm ki, 2016-cı ildə hökumət öz qarşısında duran bütün məsələlərin öhdəsindən gəlib, vəzifələri layiqincə yerinə yetirib. Hesabat bugünkü reallıqlara adekvatdır, qənaətbəxşdir və  təbii ki, mən də buna səs verəcəyəm. 
Təmsil olunduğum Balakən rayonunun seçiciləri ilə görüş zamanı qaldırılmış məsələlərdən 2-ni, istehsal olunmuş tütünün alınması və dollarla götürülmüş kreditlərin qaytarılması problemlərini diqqətinizə çatdırmaq istəyirəm.  Bizə təqdim olunmuş hesabatın kənd təsərrüfatı ilə bağlı bölümündə  tütün əkininin əvvəlki illə müqayisədə 1000 hektar artdığı göstərilir. Yəni 2015-ci ildə 1,5 min hektara qarşı 2016-cı ildə 2,4 min hektar əkilmişdir. Məhsul istehsalında isə artım  3,5 min tona qarşı  3,6 min ton olmuşdur. Əkin sahəsi 71,4 faiz artdığı halda məhsul istehsalı cəmi 2,9 faiz artmışdır. Amma tütün istehsalı faktiki olaraq göstərilən rəqəmlərdən çoxdur. Sadəcə olaraq, istehsalçılar quru tütünü tədarükçülərə təhvil vermədən özlərində saxlayıblar. Buna səbəb isə 2016-cı ilin yaz aylarında tədarükçülərə tütünün hər kiloqramına növlər üzrə 2–2,5 manat olacağının bildirilməsi, lakin məhsul yetişdikdən sonra hər kiloqrama 1,2 manat ödənilməsi səbəb olmuşdur. Yaxşı olardı ki, hər təsərrüfat ilinin yekununda Nazirlər Kabinetinin aqrar şöbəsi kənd təsərrüfatı istehsalçıları ilə bağlanmış müqavilələrin icra vəziyyətini nəzarətdə saxlasın və öhdəliyi yerinə yetirməyənlərlə bağlı tədbirlər görsün.
İkinci məsələ rayon sakinlərinin bank kreditləri ilə bağlı üzləşdikləri problemlərlə əlaqədar müraciətləridir. Konkret olaraq nəzərinizə çatdırım ki, rayon sakinlərinin AccessBankla bağladıqları müqavilələrə əsasən götürdükləri kreditlər dollarla sənədləşdirilsə də, həmin insanlara ödəniş manatla aparılmışdır. Bank güzəşt olaraq ödəmə vaxtını uzatsa da, uzadılan dövr üçün əlavə faizlər hesablanır. Misal üçün, vətəndaş 2014-cü il 13 noyabr tarixində bankdan 30 min dollar, o dövrün kursuna uyğun olaraq 23 min 496 manat kredit götürmüşdür. Devalvasiya nəticəsində 23 min 496 manatın qarşılığında vətəndaşın banka 2018-ci ilin dekabr ayına qədər 71 min 750 manat borcu yaranır. Təbii olaraq bu məbləği ələlxüsus da  regionlarda ödəmək asan məsələ deyil. Bu səbəbdən vətəndaş əsas borcdan əlavə həddindən artıq şişirdilmiş faizlərlə üzləşir. Yaxşı olardı ki, uzadılan dövr üçün qalıq borca faiz hesablanmasın. Mərkəzi Bankın rəhbəri hörmətli Elman müəllimdən, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri hörmətli Rüfət müəllimdən xahiş edirəm ki, bu tipli problemləri ətraflı təhlil edərək vətəndaşlarımızı narahat edən bu məsələyə öz münasibətlərini bildirsinlər. Çünki müraciətlərin sayı, təbii ki, problemin aktuallığından xəbər verir. Ümumiyyətlə, banklar kredit faizinin yüksək olmasını, əsasən, depozitə qoyulmuş vəsaitlərin yuxarı olması ilə  əlaqələndirirlər. Belə təcrübə imkanlı adamların daha sürətlə varlanmasına səbəb olur, bütövlükdə isə iqtisadi inkişafa maneçilik törədir. Hesab edirəm ki, banklar həm kredit faizlərini, həm də depozitə uyğun verilən dividendlərin faizlərini proporsional olaraq aşağı salsalar, bank  sektoruna inam artar və bu da ümumi inkişafa səbəb olar.
Hörmətli həmkarlar, əminəm ki, hökumət əhalini narahat edən və ölkənin qarşısında duran problemləri kifayət qədər bilir, bu istiqamətdə lazımi addımları atır. Aydın məsələdir ki, hər bir dövlətin hərtərəfli inkişafının kökündə iqtisadi inkişaf durur. İqtisadi inkişaf olmadan heç bir sosial və digər layihələrin icrasından söhbət gedə bilməz. İndiki halda Bakı şəhəri ilə regionların inkişafı arasındakı fərqi azaltmaq istiqamətində bir neçə təklif səsləndirmək istərdim.
Birinci, iqtisadi bloka aid olan mərkəzi icra orqanının mütəxəssisləri respublikanın bütün regionlarında yerli mütəxəssislərlə birlikdə hər bir rayonun maliyyə, iqtisadi, sosial potensialını  müəyyən edərək həmin rayonun sosial-iqtisadi proqramını hazırlamaqla regionların mərkəzdən maliyyə asılılığını azaltmaq istiqamətində addım atmalıdırlar.
İkinci, hər bir rayonda bir dənə konsaltinq şirkətinin yaradılması və bu şirkətin İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən  hökumətlərarası iqtisadi və ticarət komissiyası ilə bilavasitə müntəzəm əlaqəsinin təmin edilməsi məqsədəuyğun olardı. Bu həm bazar iqtisadiyyatına uyğun kadrların hazırlanması baxımından, həm də əhalinin öz məhsulunu xarici bazarlara çıxarması üçün logistik funksiyanı yerinə yetirmək olardı.
Üçüncü, tabeliyindən asılı olaraq rayonlarda fəaliyyət göstərən bütün idarə və müəssisələrin az da olsa yerli büdcə qarşısında öhdəliyinin müəyyən olunması həmin strukturların işində  müsbət dəyişikliyə səbəb olardı.
Dördüncü, istənilən  ölkənin təcrübəsini öyrənmək olar, ancaq Azərbaycanın hər regionunun özünəməxsus torpağını, iqlimini elmi cəhətdən yaxşı öyrənmədən   lazımi nəticəni əldə etmək çətin olardı. Azərbaycanda bu sahənin inkişafı üçün münbit iqlim şəraitinin olmasına baxmayaraq ciddi mütəxəssis çatışmazlığı mövcuddur. Konkret olaraq, demək olar ki, torpaqşünaslıq üzrə mütəxəssislər yox dərəcəsindədirlər. Bu, gələcəkdə ərzaq təhlükəsizliyinin təminatı və ixrac potensialının artırılması baxımından ciddi əhəmiyyət kəsb edir.   
Bir məsələni də qeyd etməyi özümə borc bilirəm ki, cənab Prezident iqtisadiyyatın liberallaşdırılması, inhisarçılığın, süni qiymət artımının qarşısının alınması ilə bağlı dəfələrlə  tapşırıqlarını vermiş, öz iradəsini bildirmişdir. Bu sahədə görülən işlərin kontekstində, Oqtay müəllim, sərhədyanı ticarət haqqında qanunun qəbulu, hesab edirəm, böyük bir səmərə verərdi. Çünki bir çox ölkələrin təcrübəsində də var. Həm iqtisadi baxımdan, həm də əhalinin məşğulluq səviyyəsinin artırılması baxımından  çox səmərəli qanun olardı. Bu, bir neçə problemin – kiçik və orta sahibkarlığın, əhalinin məşğulluq səviyyəsinin, sərhədyanı turizmin, inhisarçılığın və urbanizasiya ilə bağlı problemlərin həllində öz  töhfəsini verərdi. Son olaraq 2017-ci ildə hökumətə uğurlar arzu edirəm. Arzu edirəm ki, büdcəni profisitlə icra etmək imkanları olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bugünkü müzakirələrdə 27 həmkarımız çıxış etdi. Sonuncu Kamilə Əliyeva buyursun və bununla müzakirələri bitirək.
K.Əliyeva. Çox sağ olun, Oqtay müəllim. Çox hörmətli cənab Sədr, hörmətli Baş nazir, millət vəkilləri və hökumət üzvləri! Artıq tarixə çevrilən 2016-cı il bütün dünyada bir sıra ziddiyyətli, narahatlıq doğuran məqamlar ilə yadda qaldı. Belə ki, ötən ildə də qlobal miqyasda regionda qanlı münaqişələr davam etdi, ayrı-ayrı ölkələrdə  sabitliyə və inkişafa yeni təhdidlər yarandı. Dünyadakı və regiondakı bu mənzərə ilə müqayisədə Azərbaycanın mənzərəsi böyük nikbinlik doğurur. Çünki qlobal mənfi təsirlərin yaratdığı müəyyən çətinliklərə baxmayaraq, ölkəmiz 2016-cı ildə də inamlı inkişafı davam etdirmək əzmini ortaya qoydu. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atdı. Ölkədə müasir çağırışlarla səsləşən kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşdı. 2016-cı ildə əldə olunan nəticələr aparılan islahatların səmərəliliyini bir daha təsdiqlədi, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını saxladı və müəyyən inkişaf dinamikasına nail oldu.
Ötən il ölkəmizin qeyri-neft sənayesinin inkişafı, kənd təsərrüfatının 2 faizdən çox artması çox yaxşı göstəricidir. Eyni zamanda, 2016-cı ildə respublikamızda bütün sosial proqramlar icra edildi. Respublikanın ayrı-ayrı bölgələrində qaçqın və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salındı. Bütün dünyada böhran ili olmasına baxmayaraq, Azərbaycanda 2016-cı ildə əhalinin pul gəlirləri 7 faiz, orta əmək haqqı isə 9 faiz artırıldı. Güclü iqtisadi inkişafın dərin məzmunlu sosial siyasət ilə tamamlanması isə müstəqil Azərbaycanı fərqləndirən əsas cəhətlərdəndir. Bütün ölkə boyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial  dövlət kimi mənzərəsini göz önündə canlandırıb.
Ötən il dövlət başçısı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, sahibkarlıq haqqında müvafiq fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək  verdiyini, onların arxasında daim dayandığını təsdiqləyir. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsi ilə dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər verilir. Ötən il bu kreditlərin həcmi 190 milyon manat civarında olub. Təqdirəlayiq haldır ki, güzəştli kreditlərin   böyük hissəsi regionların payına düşür.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bir sıra banklar hökumətin sahibkarlara olan diqqətindən nümunə götürməlidirlər. Çünki təmsil etdiyim bölgələrin yerli sahibkarları mənə müraciət edərək bildirirlər ki,  öz sahibkarlıq fəaliyyətlərini genişləndirməkdən ötrü banklara kredit üçün müraciət edəndə onlardan Bakı şəhərində daşınmaz əmlaka sahib olmalarını və kredit müqabilində həmin əmlakın girov kimi qoyulmasını tələb edirlər.  Amma nəzərə almaq lazımdır ki, bölgələrdə yaşayan və çalışan iş adamlarının, fermerlərin, müxtəlif təsərrüfat sahiblərinin paytaxt Bakıda mülkiyyətləri, daşınmaz əmlakları yoxdur. Hökumət nümayəndələrindən bu məsələdə yerli iş adamlarına dəstək verməyi xahiş edirəm. Sonda mən də 2016-cı ildəki hesabatı qənaətbəxş hesab edirəm və bu hesabata müsbət səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 28 millət vəkili çıxış etdi. Çıxış edənlərin hamısı hökumətin hesabatını məqbul hesab etdilər. Əgər etiraz yoxdursa, nəzərə alaq və münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli Artur Tahiroviç, Sizə və hökumətə gələcək işlərinizdə uğurlar arzulayıram! Çox sağ olun.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU