23.12.2005 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I  SESSİYASI  İCLASININ

PROTOKOLU № 4

Mill Məclisin  iclas  salonu.
23  dekabr  2005-ci il.  Saat 12.

Mill Məclisin  Sədri
O.Əsədov  sədrlik  etmişdir

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

S. Həsənova, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
* * *
A. Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi haqqında.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
4. Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Saziş Məktubunun təsdiq edilməsi haqqında.
5. Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında Avropa və Avro-Atlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə.
7. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında” Sazişin təsdiq edilməsi barədə.
8. “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Kreditanştalt für Videraufbau (KfW) Bankı arasında “Tədqiqatlar və Mütəxəssislər Fondu-III” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi, həmin Müqavilə üzrə Xüsusi Razılaşma və Həvalə Müqaviləsi”nin təsdiq edilməsi haqqında.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
10. “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
11. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə.
12. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
13. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi barədə.
14. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında.
15. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
16. Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
17. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında.
18. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi məcəllələrinə əlavələr edilməsi barədə.
19. 2005-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları haqqında.

İclasda qəbul edilmişdir:

1. “C.C.Vəliyevin Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “S.C.Həsənovanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi və onun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.   
3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Saziş Məktubunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında Avropa və Avro-Atlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Kreditanştalt für Videraufbau (KfW) Bankı arasında “Tədqiqatlar və Mütəxəssislər Fondu-III” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi, həmin Müqavilə üzrə Xüsusi Razılaşma və Həvalə Müqaviləsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi məcəllələrinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. 2005-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                                O.ƏSƏDOV

 

MİLLİ   MƏCLİSİN  İCLASI


23 dekabr 2005-ci il. Saat 12.


Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Salam, hörmətli deputatlar, xoş gördük! Xahiş edirəm, qeydiyyatdan keçin.

Qeydiyyat   (saat 12.03 dəq.)
İştirak edir  78
Yetərsay  83

Kim qeydiyyatdan keçməyib? Xahiş edirəm, bir də qeydiyyatdan keçəsiniz.

Qeydiyyat   (saat 12.04 dəq.)
İştirak edir  93
Yetərsay  83

Çox sağ olun, yetərsay var.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 12.05 dəq.)
Lehinə  82
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 3
İştirak edir  85
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi.
Bildiyiniz kimi, bugünkü iclasın gündəliyində 19 məsələ var. Bunlardan 2-si təşkilati məsələdir, 6-sı beynəlxalq sazişdir, 10-u qanunlara dəyişikliklərdir, 1-i isə cənab Prezident tərəfindən qaytarılmış qanundur. Ona görə icazə verin, işimizə başlayaq. Gündəliyə dair əlavə təklif varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal müəllim, biz keçən çağırışda da deputat olmuşuq və bilirik ki, cari məsələlər həmişə həftənin ikinci günü müzakirə olunub. Xahiş edirəm, bu məsələni həftənin ikinci gününə saxlayaq, gündəlikdə duran məsələlərin müzakirəsinə başlayaq.
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyaya uyğun olaraq Cəfər Cəbrayıl oğlu Vəliyevin öz ərizəsi əsasında Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirəmizə təqdim etmişdir.
Hörmətli millət vəkilləri, bildirmək istəyirəm ki, Cəfər Vəliyev hələ sovet hakimiyyəti illərində Azərbaycanda mühüm dövlət vəzifələrində, prokurorluq və daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmışdır. O, müstəqillik illəri dövründə – 1992-2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi çox mühüm bir vəzifənin daşıyıcısı olmuşdur. 2000-ci ildən etibarən o, İqtisad Məhkəməsinin sədri vəzifəsini icra etmişdir. Hüquq elmləri namizədidir.
Cəfər müəllimin fəaliyyəti ölkə Prezidenti tərəfindən çox yüksək qiymətləndirilmiş, o, 75 illiyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Cəfər Vəliyev Məhkəmə-Hüquq Şurasına və Azərbaycan Respublikasının Prezidentinə ərizə ilə müraciət edərək pensiya yaşına çatdığı üçün öz arzusu ilə İqtisad Məhkəməsinin sədri vəzifəsindən azad edilməsini xahiş etmişdir.
Bu məsələyə Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında baxılmış və onun arzusu nəzərə alınaraq hakimlik səlahiyyətinə xitam verilməsi ilə bağlı cənab Prezidentə müraciət edilmişdir. Ölkə Prezidenti isə Konstitusiyaya uyğun olaraq bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, Cəfər müəllimin arzusu, pensiya yaşına çatması ilə əlaqədar müraciəti parlament tərəfindən də qəbul edilməlidir. Məncə, biz bu məsələni müzakirəsiz səsə qoya bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.09 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul olundu, çox sağ olun.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin təyin edilməsi haqqındadır. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident parlamentə bu iki məsələnin müzakirəsini təqdim etmişdir. Məlumat üçün bildirim ki, Ali Məhkəmənin hakimi Südabə Həsənova Məhkəmə-Hüquq Şurasına və cənab Prezidentə müraciət edərək öz arzusu ilə hakimlik səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bu məsələ də Məhkəmə-Hüquq Şurasının müzakirə predmeti olmuşdur. Məhkəmə-Hüquq Şurası Südabə xanımın Ali Məhkəmənin hakimi səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılması ilə bağlı cənab Prezidentə müraciət etmişdir.
Eyni zamanda, bildirmək istəyirəm ki, Südabə Həsənova da uzun illər Azərbaycanın ədliyyə və məhkəmə orqanlarında rəhbər vəzifələrdə çalışmış, Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin sədri kimi çox məsul vəzifələrin daşıyıcısı olmuşdur, Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsində xidmətlər göstərmişdir.
Bütün bunları nəzərə alaraq, cənab Prezident, eyni zamanda, Südabə Həsənovanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsini də parlamentin müzakirəsinə göndərmişdir. Hesab edirəm ki, Südabə xanımın keçdiyi həyat yolu, ədliyyə və məhkəmə orqanlarındakı xidmətləri nəzərə alınaraq, onun Konstitusiya Məhkəməsi hakimi vəzifəsinə təyin olunması ilə bağlı cənab Prezidentin təqdimatı parlament tərəfindən dəstəklənməlidir. Düşünürəm ki, bu məsələni də səsə qoymaq mümkündür.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, cənab Prezident tərəfindən göndərilən təqdimat təqdirəlayiqdir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.11 dəq.)
Lehinə  93
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul olundu, sağ olun. Bildiyiniz kimi, qaydaya görə, andiçmə mərasimi olmalıdır. Buyurun, Südabə xanım.
S. Həsənova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Əvvəla, mənə səs verdiyiniz üçün Milli Məclisin bütün tərkibinə öz minnətdarlığımı bildirirəm. Hörmətli Oqtay müəllim, icazənizlə, yaranmış imkandan istifadə edərək, III çağırış Milli Məclisin tərkibinə seçilmiş bütün millət vəkillərini səmimi qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, uzun ömür diləyirəm! Arzum budur ki, III çağırış Milli Məclisin tərkibi dövlətimiz, dövlətçiliyimiz və xalqımız üçün düşərli, uğurlu olsun.
İndi isə icazə verin, and içim: “Azərbaycan Respublikası Konstitusiyasının hakimi səlahiyyətlərini şərəflə, vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma və baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”.
b. Sağ olun. İndi icazə verin, millət vəkilləri adından Südabə xanımı təbrik eləyək, ona yeni işində, Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətində müvəffəqiyyətlər arzulayaq! (Alqışlar.)
Hörmətli deputatlar, növbəti məsələnin müzakirəsinə başlayırıq. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Bu məsələ iki komissiyanın – Elm və təhsil məsələləri daimi komissiyasının və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının iclaslarında müzakirə edilmişdir. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyevə söz verilir.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2005-ci il iyul ayının 20-də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Həmin Saziş respublika Prezidenti tərəfindən Milli Məclisə göndərilib və qeyd edildiyi kimi, iki komissiyada müzakirə olunub. Mən hesab edirəm ki, qanun layihəsini müzakirəyə çıxarmadan da təsdiq etmək mümkündür. Çünki bu sahədə boşluq vardı, uzun müddət əməkdaşlıq olmayıb. İlk dəfədir, əməkdaşlığa başlanılıb və burada mübahisə doğuracaq bir məsələ yoxdur.
Sədrlik edən. Sağ olun. Bayaq qeyd etdiyim kimi, beynəlxalq saziş olduğu üçün buna iki komissiyada baxılıb. Ona görə xahiş edirəm ki, Gültəkin xanım da bu məsələyə münasibətini bildirsin.
G. Hacıyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini.
Təşəkkürümü bildirirəm. Mən də onu deyə bilərəm ki, saziş çox mühüm məsələyə həsr olunub. Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında xəritəçilik sahəsində müştərək layihələrin həyata keçirilməsi, məlumat və eksperiment mübadiləsi, texniki yardımın təmin edilməsi, xəritəçilik sahəsində qarşılıqlı surətdə müəyyən ediləcək mövzularda təhsil verilməsi, kursların təşkil edilməsi və sair məqsədlərlə qəbul edilən bir sazişdir. Mühüm məqamlardan biri ondan ibarətdir ki, sazişlə bağlı yaranan hər hansı bir uyğunsuzluq və ya dəyişikliklər üçüncü tərəfə müraciət edilmədən həll edilir. Azərbaycan və Türkiyə münasibətlərinin xarakterini nəzərə alsaq, bu, mühüm məqamlardan biridir. Saziş 5 il müddətinə bağlanır. Qüvvədə qalma müddəti başa çatdıqdan 6 ay sonra tərəflərin birinin yazılı olaraq ləğvetmə haqqında müraciəti olmasa, saziş daha 1 il müddətinə uzadılır.
Sazişi Azərbaycan Respublikası Hökuməti adından Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Türkiyə Hökuməti adından isə Xəritə Baş Komandanı imzalayır. Komissiyada bu saziş müzakirə edilib. Azərbaycan-Türkiyə əməkdaşlığı baxımından faydalı olduğu üçün komissiyamız yekdilliklə sazişin ratifikasiyasının lehinə səs verib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Saziş iki komissiyada müzakirə edilib və hər iki komissiyanın qərarı var. Əlavə təklif yoxdursa, səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.18 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin dördüncü məsələsi Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Saziş Məktubunun təsdiq edilməsi haqqındadır. Bu da beynəlxalq saziş olduğu üçün iki komissiyada müzakirə olunub. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, məlumat üçün bildirmək istəyirəm ki, hələ 2003-cü il yanvarın 3-də Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında narkotiklərə nəzarət və hüquq mühafizə fəaliyyətinə yardım barədə Saziş Məktubu imzalanmışdır. Həmin Saziş Məktubunda göstərilən məbləği artırmaq məqsədi ilə 2005-ci il mayın 23-də Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında narkotiklərə nəzarət və hüquq mühafizə fəaliyyətinə yardım haqqında 2003-cü il 3 yanvar tarixli Saziş Məktubuna 2 saylı Düzəliş imzalanmışdır. Məhz bundan sonra ABŞ Hökumətinin dəstəyi ilə Azərbaycanda mərhələ ilə həyata keçirilən narkotiklərə nəzarət və hüquq mühafizə fəaliyyəti ilə bağlı layihənin müvafiq mərhələsinin başa çatdırılması məqsədi ilə 2005-ci ildə növbəti saziş imzalandı. Burada başlanmış işlərin axıra çatdırılması üçün ABŞ Hökuməti tərəfindən 22500 ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Hesab edirəm ki, bu, ilk növbədə, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlığın nümunəsidir. Eyni zamanda, bilirsiniz ki, narkotiklərə nəzarət və hüquq mühafizə sahəsinə yardım bizim də marağımızdadır və bu baxımdan, hesab edirəm ki, saziş çox əhəmiyyətlidir, qəbul edilə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Gültəkin xanım, buyurun.
G. Hacıyeva. Bəli, mən də hörmətli Əli müəllimin dediklərinə əlavə olaraq bildirmək istəyirəm ki, narkotiklərin dövriyyəsinin qarşısının alınması sahəsində Azərbaycan Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında əməkdaşlıq uğurla davam edir və bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu günə qədər onlarca layihə həyata keçirilib. Hər layihənin özünün şərtləri, tələbləri var və onlar həyata keçdikcə günün, zamanın tələblərinə uyğun saziş məktubunun da formasına dəyişikliklər edilir. Bütün bu dəyişiklikləri nəzərə almaqla yeni layihənin təsdiqi zəruridir. Bu baxımdan, komissiyamız yekdilliklə bu Saziş Məktubunun yeni variantını dəstəkləyir. Hörmətli millət vəkillərini sazişə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Sual yoxdursa, xahiş edirəm, qanun layihəsinə səs verin.

Səsvermənin nəticələri   (saat 12.21 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  86
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Gündəlikdəki növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqındadır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyevaya söz verilir.
G. Hacıyeva. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri və media mənsubları! Diqqətinizə təqdim edilən Birgə Bəyannamə 2005-ci il sentyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanmışdır. Birgə Bəyannamə, ümumiyyətlə, Azərbaycanın xarici siyasət prioritetlərinin inkişaf etdirilməsi istiqamətində atılan çox mühüm bir addımdır.
Azərbaycanın Avropaya inteqrasiyası, Azərbaycanın Avropa ölkələri, xüsusilə Avropa Birliyi və NATO-ya üzv ölkələrlə beynəlxalq münasibətləri dərinləşdirmək, inkişaf etdirmək kursu Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Son dövrlərdə Azərbaycan bu istiqamətin inkişaf etdirilməsi sahəsində çox uğurlu addımlar atmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox ölkələrə səfərlər etmiş və bu səfərlər çərçivəsində həmin ölkələrlə, xüsusilə Avropa Birliyinin və NATO-nun üzvü olan ölkələrlə birgə bəyannamələr imzalamışdır. Eyni zamanda, bu ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri çərçivəsində də çox sayda mühüm bəyannamələr imzalanmışdır.
Bu bəyannamə hər iki ölkənin, yəni Azərbaycanın və qarşı tərəfin əməkdaşlıq sahəsində ümumi iradəsinin ifadəsi olmaqla yanaşı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Ona görə önəmlidir ki, bu bəyannamələrin hamısında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın üzləşdiyi çox ədalətsiz mövqe ilə bağlı həmin ölkələrin dəstəyi birmənalı olaraq öz əksini tapır. Bu sənədlərdə həm də həmin ölkələrin münaqişəsinin həlli ilə bağlı Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq hüquq prinsipləri çərçivəsində mövqeləri öz əksini tapır. Diqqətinizə təqdim olunan birgə bəyannamə də məhz Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi davamıdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Birgə Bəyannamə 2005-ci il 23 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov tərəfindən Sofiya şəhərində imzalanmışdır. Bəyannamədə qeyd edilir ki, hər iki dövlətin xarici siyasət prioritetləri ümumidir və ölkələr bu prioritetləri məmnunluqla qeyd edirlər. Bu prioritetlər Avropa və Avro-Atlantik inteqrasiya kursundan ibarətdir. Bu prioritetlər vətəndaş cəmiyyətinin demokratikləşməsi, bazar iqtisadiyyatının möhkəmlənməsi, qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi və bu müdafiə məqsədi ilə zəruri beynəlxalq təminatların, mexanizmlərin işə salınması və inkişaf etdirilməsindən ibarətdir.
Eyni zamanda, prioritetlər sırasında Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələr üzrə – ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın intensivləşməsi zərurəti vurğulanır. Mən böyük məmnunluq hissi ilə bu bəyannamənin bir bəndini hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm. Burada göstərilir ki, prezidentlər Avropa inteqrasiya prosesinə töhfə kimi regionda münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Nizamnaməsi və ATƏT-in başlıca sənədlərinə uyğun olaraq sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırlar.
Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edən 3 başlıca prinsip – suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bu bəyannamədə birmənalı olaraq öz əksini tapıb. Bu o deməkdir ki, Azərbaycan Bolqarıstan Respublikasının timsalında öz ədalətli mövqeyinə daha bir dəstək, tərəfdaş qazanıb. Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu, uğurlu bir addım kimi qəbul edilməlidir. Bu baxımdan, bəyannamənin önəmi xüsusilə artır. Hörmətli həmkarlarımı bu bəyannaməyə səs verməyə çağırıram. Onu da deyim ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası bəyannaməni müzakirə edib və yekdilliklə bu vacib sənədin ratifikasiyasının lehinə səs verib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Gültəkin xanım. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.27 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında “Avropa və Avro-Atlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədədir. Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! İndicə Gültəkin xanımın səsləndirdiyi bəyannamənin prinsiplərinə uyğun olaraq Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti arasında belə bir memorandum imzalanır. Sizə məlumdur ki, Azərbaycanla NATO arasında və Azərbaycanla Avropa arasında fərdi əməkdaşlıq proqramı çərçivəsində fəaliyyət göstəririk. Amma bizim üçün önəmli məsələlərdən biri də ondan ibarətdir ki, NATO-ya üzv, eyni zamanda, Avropa Birliyinə namizəd olan Bolqarıstan kimi dövlətlə Avro-Atlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması olduqca vacibdir. Yəni bu məsələdə Bolqarıstan bir növ Azərbaycana yardımçı olmaq fikrindədir. Əlbəttə, bu bizi tamamilə qane edir.
Mən diqqətinizi bir məsələyə də cəlb etmək istəyirəm. Son illər bu qəbildən olan sazişlər cənab Prezident tərəfindən imzalanır. Gültəkin xanım da qeyd elədi, bütün bu sənədlərdə, bəyannamələrdə, memorandumlarda bir mənalı olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz əksini tapıb. Güman edirəm ki, əlavə şərhə ehtiyac yoxdur, bu da Azərbaycanın dövlət və ümummilli maraqlarına tamamilə uyğundur. Hörmətli deputatlar, bu memorandumda tərəflər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında tərəfdaşlığın uğurlu inkişafını nəzərdə tutan Avropa və Avro-Atlantik inteqrasiyası sahəsində qarşılıqlı əməkdaşlığı təşviq edəcək və Azərbaycan Respublikasının Avro-Atlantik strukturlara inteqrasiyası təşəbbüsünə dəstək göstərəcəklər.
Burada əməkdaşlığın müxtəlif istiqamətləri göstərilib. Birinci, institusional quruculuq yolu ilə institusional strukturun gücləndirilməsi, yəni qanun tətbiqini, həmçinin dövlət məmurlarının hazırlanması və onların Avropa inteqrasiyası sahəsində ixtisas qabiliyyətlərinin artırılmasının təmin edilməsi; geniş ictimaiyyətin Avropa İttifaqı prosesi və Avropa inteqrasiyası haqqında məlumatlandırılması; hər iki tərəfin Avropa inteqrasiyası sahəsində əldə etdikləri nailiyyətlərin birgə məsləhətləşmələr, konfranslar, təşəbbüslər və başqa tədbirlərin həyata keçirilməsi ilə geniş ictimaiyyətə çatdırılması; qüvvədə olan qanunvericilik və təcrübələrə dair məlumatlar mübadiləsi; viza siyasəti, sənədlərin yoxlanması və sərhəd nəzarəti sahələrində məlumat sistemlərinin yaradılması; sənədlərin yoxlanılmasında fiziki və texniki təhlükəsizlik və digər sahələr.
Məzmunundan göründüyü kimi, memorandum, həqiqətən, Azərbaycanın milli maraqlarına cavab verir və imkan verir ki, Bolqarıstanla olan əməkdaşlığımızı bundan sonra da yeni müstəviyə qaldıraq, bu məsələləri daha da inkişaf etdirək.
Bu memorandum 3 il müddətinə bağlanır. Memorandum 3 ildən sonra tərəflərin yazılı razılığı əsasında uzadıla bilər. Memorandum 3 dildə – Azərbaycan, ingilis və bolqar dillərində qüvvəyə malikdir. Əgər hər hansı bir ziddiyyət yaranarsa, onda ingilis dili əsas götürülür. Bir daha təkrar edirəm ki, bu memorandum 2005-ci il sentyabrın 23-də, cənab Prezident Bolqarıstanda rəsmi səfərdə olanda imzalanıb. Memorandum hər iki dövlətin Xarici İşlər Nazirliyi tərəfindən imzalanıb. Sizi bu memoranduma səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gültəkin xanım, buyurun, Siz də öz münasibətinizi bildirin.
G. Hacıyeva. Çox sağ olun. Hörmətli Sədr, mən sadəcə olaraq, hörmətli Ziyafət müəllimin dediklərinə bircə onu əlavə etmək istərdim ki, bu, Avropada qonşuluq siyasəti çərçivəsində Azərbaycanın mövqelərini gücləndirən, fəaliyyət imkanlarını inkişaf etdirən bir memorandumdur.
Eyni zamanda, biz bilirik ki, Azərbaycan və Avropa Birliyi əməkdaşlığı çərçivəsində fərdi fəaliyyət planı hazırlanmışdır və bu, fəaliyyət proqramının həyata keçirilməsinə ciddi dəstək verən sənəddir. Bu baxımdan onun əhəmiyyəti, çəkisi şəksizdir. Bizim komissiya bu memorandumun təsdiqlənməsinə yekdilliklə səs vermişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.33 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin yeddinci məsələsi Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında Sazişin təsdiqidir. Bu məsələyə də iki komissiyada baxılmışdır. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, məndən öncə həmkarlarım cənab Prezidentin Bolqarıstana bu ilin sentyabr ayında etdiyi səfərin əhəmiyyətindən və ümumiyyətlə, Azərbaycan-Bolqarıstan münasibətlərinin artan istiqamətlə inkişafından danışdılar. Təbii ki, iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda, iki dövlətin vətəndaşları arasında olan əlaqələrin daha da genişləndirilməsi üçün mükəmməl bir şəraitin yaradılması vacib bir məsələdir. Sizin diqqətinizə təqdim olunan bu saziş, yəni Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında Saziş məhz bu məqsədə, bu niyyətə xidmət edir. Bu, hər iki dövlətin ərazisində gediş, gəliş, tranzit və müvəqqəti qalma məsələlərini tənzimləmək məqsədi ilə imzalanan bir sazişdir. Hesab edirəm ki, parlament bu sazişi ratifikasiya etməlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Gültəkin xanım, buyurun.
G. Hacıyeva. Çox sağ olun. Bəli, parlamentin müzakirəsinə təqdim olunmuş bugünkü sənədlər paketi bir daha sübut edir ki, Azərbaycan-Bolqarıstan münasibətləri çox uğurla inkişaf edir. Bu, təkcə Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı deyil, eyni zamanda, Azərbaycanın Avropaya inteqrasiyası kursunun uğurla davam etdirilməsidir. Bu, eyni zamanda, Azərbaycanın Avropa Birliyi və NATO ilə daha sıx əməkdaşlıq edən bir ölkə ilə yüksək səviyyədə əməkdaşlığı deməkdir. Bu, ümumiyyətlə, Avropa Birliyi və NATO ilə münasibətlərin daha yeni bir mərhələyə qədəm qoyması deməkdir. Sazişdə söhbət sadələşmiş viza rejimindən gedir.
Mən hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu saziş parlament tərəfindən ratifikasiya edildikdən sonra Bolqarıstanla Azərbaycan sadələşdirilmiş viza rejiminə qədəm qoyur. Bu nə deməkdir? Bu o deməkdir ki, diplomatik və xidməti pasportlara malik olan Azərbaycan Respublikası və Bolqarıstan Respublikasının vətəndaşları müvafiq olaraq Azərbaycan və Bolqarıstan ərazilərinə vizasız gediş-gəliş hüququ əldə edirlər. Yəni 90 gündən artıq olmamaq şərti ilə diplomatik və xidməti pasport sahibləri bu sadələşmiş vizanın imkanlarından faydalanırlar. Azərbaycan bir sıra ölkələrlə belə sazişlər imzalayıb. Bir daha qeyd edirəm, Avropanın tərkib hissəsi olan bir ölkə ilə, Bolqarıstanla bu sazişin imzalanması xüsusilə vacibdir, önəmlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.37 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin səkkizinci məsələsi Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Kreditanştalt für Videraufbau (KfW) Bankı arasında “Tədqiqatlar və Mütəxəssislər Fondu-III layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi, həmin Müqavilə üzrə Xüsusi Razılaşma və Həvalə Müqaviləsinin” təsdiq edilməsi haqqındadır. Bu məsələyə də iki komissiyanın birgə iclasında baxılmışdır. Məsələ haqqında məlumat vermək üçün İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, son illərdə Azərbaycan Respublikası Prezidentinin gördüyü tədbirlər nəticəsində Almaniya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq genişlənir. Cənab Prezidentin parlamentə təqdim etdiyi sənəd də bu istiqamətdə atılan ciddi addımlardan biridir. Sənəd İqtisadi siyasət daimi komissiyasının iclasında müzakirə edilmişdir. Yekdilliklə qərar qəbul edilmişdir ki, bu məsələ Milli Məclisin gündəliyinə təqdim edilsin.
Mən təhqiqatlar və mütəxəssislər fondu barədə bir neçə kəlmə məlumat vermək istərdim. Azərbaycan Respublikasının bu qurum ilə əlaqəsi, əməkdaşlığı 1994-cü ildən başlamışdır və bu, enerji, özəl infrastruktur, sosial təminat, nəqliyyat, bank və səhiyyə sektorlarında həyata keçirilmiş layihələrdə öz əksini tapmışdır. 2004 və 2005-ci illər üçün Almaniya hökumətinin bu bank vasitəsi ilə müvafiq layihələrin maliyyələşdirilməsinə dair ayırdığı vəsaitin həcmi 27,7 milyon avro olmuşdur. Maliyyə əməkdaşlığı sahəsində Almaniya hökumətinin bank vasitəsi ilə ayırdığı vəsait 143 milyon avro olmuşdur. 119 milyon avro həcmində güzəştli kredit 40 il müddətinə, 23,8 milyon avro 10 il güzəştli müddətlə qrant şəklində ayrılmışdır. Bu layihə çərçivəsində isə Gəncə-Şəki su təchizatı və əmanətlərin sığortalanması sisteminin yaradılması layihələrinin texniki iqtisadi əsaslandırılmasının hazırlanması məqsədi ilə 510 min avro həcmində vəsait verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş səlahiyyətlərə əsasən saziş 2005-ci il iyunun 27-də Bakı şəhərində imzalanmışdır. Təklif edirəm ki, bu sazişin təsdiqinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gültəkin xanım, buyurun, Siz də öz fikrinizi deyin.
G. Hacıyeva. Çox sağ olun, Oqtay müəllim. Son dövrlər Azərbaycanda regionların inkişafı istiqamətində çox uğurlu addımlar atılır və ölkə Prezidenti də dəfələrlə qeyd edib ki, Azərbaycanın daxili siyasətinin prioritetləri sırasında ilk yerlərdə Azərbaycan regionlarının inkişafını görür. Regionların inkişafından söhbət gedirsə, ilk növbədə, biz infrastrukturun bərpasından danışmalıyıq. Çünki iqtisadiyyatın inkişafı üçün müvafiq şəraitin yaradılması dedikdə, ilk növbədə, yolların çəkilməsi, elektrik enerjisi, su təchizatı problemlərinin aradan qaldırılması nəzərdə tutulur.
Bu baxımdan, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federativ Respublikasının KfV Bankı arasında bağlanmış müqaviləyə əsasən 511 min avro məbləğində birdəfəlik yardımın, qrantın ayrılması ilə bağlı layihə, sözsüz ki, hörmətli Ziyad müəllimin də qeyd etdiyi kimi, Gəncə və Şəki şəhərlərinin infrastrukturunun möhkəmlənməsinə xidmət edəcək. Onu da qeyd etmək istəyirəm ki, bu vəsait, əsasən, layihələrin konsultant xidmətlərinin inkişafına yönəlib. Azərbaycanın bölgələrinin inkişafı və bütövlükdə Azərbaycanın iqtisadiyyatının yüksəlməsi, istənilən halda Azərbaycan xalqının rifah halının yüksəldilməsinə bir töhfədir. Komissiyamız yekdilliklə bu müqavilənin təsdiq edilməsinə səs vermişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.


Səsvermənin nəticələri   (saat 12.42 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 2
İştirak edir  90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Bununla biz 6 vacib beynəlxalq sazişi təsdiq elədik. Bu qanunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcəkdir.
Gündəliyin doqquzuncu məsələsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, artıq cənab Sədrin qeyd etdiyi kimi, burada söhbət “Dövlət qulluğu haqqında” Qanuna edilmiş əlavələr və dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna dəyişikliklərdən gedir. Dövlət pensiyası almaq hüququna malik olan şəxslər bu qanunun 2.3-cü maddəsində sadalanıb. Dövlət qulluqçusunun andını pozması ilə əlaqədar işdən azad olunmuş şəxslərə qoyulan məsuliyyət buradan çıxarılmışdır. Təbii ki, “Dövlət qulluğu haqqında” Qanunda artıq bu müddəa olmadığına görə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanundan da bu çıxarılmalıdır. Texniki bir düzəlişdir, hesab edirəm ki, bunu qəbul etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sual yoxdur? Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.44 dəq.)
Lehinə  90
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin onuncu məsələsi “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan qanun layihəsi İqtisadi siyasət daimi komissiyasının geniş tərkibdə iclasında mütəxəssislərin də iştirakı ilə müzakirə edilmişdir. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasında Statistika haqqında ilk qanun 1994-cü ildə qəbul edilmişdir. Bu qanunun qəbul edilməsi Azərbaycanda islahatların aparılmasına, Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərin düzgün nəzərə çatdırılmasına, Azərbaycan statistikasının beynəlxalq təşkilatlarla əlaqəsinin genişlənməsinə, bir sözlə, müstəqil Azərbaycan dövlətində statistika sisteminin yaradılmasına öz müsbət təsirini göstərmişdir. Bunu artıq beynəlxalq ekspertlər, Avropa Şurası və BMT-nin mütəxəssisləri də qeyd edirlər.
Eyni zamanda, ötən 10 il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında çoxlu dəyişikliklər baş vermişdir, demokratiya prosesləri güclənmiş, Azərbaycanın beynəlxalq əlaqələri genişlənmişdir. Azərbaycanın dünya inteqrasiyasına qovuşması prosesində bir sıra məsələlər meydana çıxmışdır ki, onlar da “Statistika haqqında” Qanunda müəyyən dəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə bu qanuna dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihəsi göndərmişdir.
“Statistika haqqında” Qanuna edilən əsas dəyişikliklər nədən ibarətdir? Mən vaxtınızı çox almaq istəmirəm. Əvvəlki qanunda 5 fəsil, 17 maddə var idi. Mövcud dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, indi qanun 9 fəsil, 28 maddədən ibarət olacaqdır. Sizdə qanun layihəsi var. Burada Statistika Şurası, statistikanın prinsipləri, statistikanın müstəqilliyi, inzibati statistik məlumatlara giriş, rəsmi və inzibati statistika ilə əlaqələr, statistika sirri və hamı üçün açıq məlumat, məxfi statistik məlumat, elmi təhqiqatlar verilib. Mən istərdim ki, əsas məsələlərlə bağlı bir neçə kəlmə deyim.
Təklif olunur ki, Statistika Şurası yaransın. Respublika miqyasında müstəqil mütəxəssislərdən ibarət Statistika Şurası yaradılır. Belə bir qurum bir çox ölkələrdə var. Avropa Şurasının, eyni zamanda, BMT-nin də tövsiyələrində göstərilir ki, statistik orqanın yanında müstəqil şuranın yaradılması statistikanın keyfiyyətinin yüksəlməsinə, statistika ilə demokratik proseslər arasında əlaqənin yaradılmasına kömək edərdi.
Rəsmi statistikanın prinsipləri və müstəqilliyi maddəsi. Bu maddə rəsmi statistikanın əsas prinsipləri ilə əlaqəlidir. Və əsas məqsədi siyasi partiyaların sorğularına münasibətdə cəmiyyətin informasiya infrastrukturu kimi bitərəf və düzgün hesab edilən yüksək keyfiyyətli məlumatlar istehsal etməkdən ibarətdir. Rəsmi statistikanın keyfiyyətini və ictimaiyyətin statistikaya inamını təmin etmək üçün bu sahədə proqramların həyata keçirilməsi üzrə işlərin təşkili və aparılması məsləhət görülür.
“İnzibati statistik məlumatlara giriş” və “Rəsmi statistikanın inzibati statistika ilə əlaqələri” maddələrində əsas məqsəd statistik vahidlərdən alınan məlumat yükünü azaltmaq, onların yığılmasında təkrarçılığa yol verməməkdən ibarətdir. Sovet sistemindən qalan qaydaya əsasən biz həddən artıq çoxlu statistik məlumatlar toplayırıq. Onların üzərində nəzarət olmur və onların yayılmasına o qədər də diqqət verilmir. “İnzibati statistik məlumatlara giriş” bölməsində tələb olunur ki, sahibkarlar və təsərrüfat subyektləri üzərində yük artırılmasın. Dövlət statistika orqanlarına statistika məlumatlarını əldə etmək və kommersiya və dövlət sirləri istisna olmaqla onları yaymaq hüququ verilməsi təklif edilir.
Ümumiyyətlə, ən başlıca məsələ ondan ibarətdir ki, biz “dövlət statistika” sözlərini deyil, ancaq “rəsmi statistika” sözlərini işlədəcəyik. Qanuna statistik sirr haqqında geniş əlavələr edilmişdir. Məxfi statistik məlumatlardan istifadə edilməsi, elmi tədqiqatlar, məxfi statistik məlumatların əldə edilməsi və məlumatların qorunması üzrə tədbirlərlə bağlı maddələr əlavə edilmişdir. Dəyişikliklərə uyğun olaraq, gələcəkdə məxfilik təmin olunmaqla ilkin məlumatlardan elmi tədqiqat işlərində istifadə etmək imkanı yaranacaqdır.
Komissiyanın iclasında mütəxəssislərlə bizim xeyli söhbətimiz oldu. Dünyanın ayrı-ayrı ölkələrinin təcrübəsi ilə tanış olduq. Gördük ki, təklif edilən dəyişikliklər, şübhəsiz ki, Azərbaycanda statistika sisteminin, statistika siyasətinin aparılmasına çox müsbət təsir göstərəcəkdir. Bu dəyişiklikləri qəbul etməklə biz yeni bir keyfiyyətli qanun əldə etmiş olacağıq.
Sədrlik edən. Hörmətli deputatlar, Statistika Komitəsinin sədri Arif Vəliyev də iclasda iştirak edir. Əgər suallar olarsa, onları cavablandırmağa hazırdır. Buyurun, Nizami müəllim.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Ziyad müəllimin məlumatına diqqətlə qulaq asdım. “Statistika haqqında” Qanun çoxdan qəbul edilmişdir. İndiyə kimi bu qanun qüvvədə idi, insanlar və müxtəlif təşkilatlar ondan istifadə edirdilər. İndi mənə məlum olmayan bir məsələ qaldı. Statistik məlumatlar çox nəfis şəkildə bir kitabda nəşr olunur və onlar bütün dövlət və özəl strukturlara paylanır. Bu, kütləvi nəşrdir. Əgər bu, kitab şəklində yayılırsa, paylanırsa, müəyyən statistik sirri necə gizli saxlamaq olar? Əgər elmi tədqiqatla məşğul olan insanlar, yaxud müəyyən idarələr bundan istifadə edirlərsə, bunları necə qoruyub saxlamaq olar? İkinci bir tərəfdən, qanunda qeyd olunur ki, müəyyən statistik məlumatlar kitabda nəşr olunmamalıdır. Onlar kitabda nəşr olunub və təzədən bunlar qorunacaqsa, bu, ağlabatan deyil. Xahiş edirəm, Arif müəllim bu suala cavab versin.
Sədrlik edən. Kimin nə sualı varsa, indi versin, Arif müəllim onlara bir yerdə cavab verər. Sual yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arif müəllim, buyurun.
A. Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
 Təşəkkür edirəm, cənab Sədr. Nizami müəllim kitabın nəşr olunmasını qeyd elədi. Dövlət Statistika Komitəsi ümumi külliyyat buraxır. Amma bundan əlavə, bizim hər bir sahə şöbəsi öz külliyyatını buraxır. Bunlar həm də bir dildə yox, bir neçə dildə nəşr olunur. Hətta Kənd təsərrüfatı şöbəsi bunu 4 dildə nəşr eləyir. Bizim saytımızda da onlar yerləşdirilir.
Statistik sirrə gəldikdə, deməliyəm ki, bildiyiniz kimi, sovet dövründə ölkənin makro, ümumi göstəriciləri sirr sayılırdı. Mikro göstəricilər, yəni ayrı-ayrı müəssisələrin göstəriciləri isə açıq sayılırdı. İndiki şəraitdə isə beynəlxalq standartlara uyğun olaraq ölkənin makro göstəriciləri açıq, mikro göstəricilər isə gizli sayılır. Bizim dərc elədiyimiz kitabda yalnız ölkənin makro göstəriciləri verilir, mikro göstəricilər isə məxfi sayılır. Yəni hər bir müəssisəyə, təşkilata, hüquqi və fiziki şəxsə aid olan ilkin məlumatlar gizli saxlanılır, onlar heç yerdə dərc olunmur. Onların məxfiliyi təmin olunur. Yalnız və yalnız elmi tədqiqatlar üçün biz ayrı-ayrı müəssisənin, təşkilatın məlumatlarını yox, bir neçə təşkilatın toplu məlumatını veririk. O məlumatlar əsasında isə bunun hansı təşkilata aid olmasını aydın etmək mümkün olmur.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Çox sağ olun, cənab Sədr. Nizami müəllim, Sizin sualınıza mən də bir aydınlıq gətirmək istəyirəm. Arif müəllim tamamilə düz buyurdu. Amma biz 2004-cü ildə “Dövlət sirri haqqında” Qanun qəbul eləmişik. Bunlar bir qayda olaraq, hərbi, kəşfiyyat, əməliyyat-axtarış tədbirləri ilə bağlı olan məlumatlardır. Eyni zamanda, dövlətin təhlükəsizliyinə ziyan vura bilən iqtisadi məlumatlar da dövlət sirri hesab olunur və heç yerdə çap olunmur. Yəni “Dövlət sirri haqqında” Qanunun 1-ci maddəsində bu barədə göstəriş var. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami müəllim, cavab Sizi qane elədi? Buyurun.
N.Xudiyev. Oqtay müəllim, qane elədi, ancaq Ziyad müəllimin dediklərindən məlum oldu ki, statistika haqqında müəyyən məlumatlar sirr şəklində saxlanılır. Buradan belə bir nəticə çıxdı ki, makro göstəricilər şəklində nəşr olunmursa, bu, tamamilə başqa bir söhbətdir. Yəni statistik məlumatlar müəyyən meyar daxilində nəşr olunur. Əgər buradan “dövlət” sözü çıxarılıb, ora “rəsmi” sözü yazırlarsa, deməli, bu heç də “dövlət” sözündən kiçik söz deyil. Rəsmi sözü deyiləndə belə başa düşülür ki, bu, konkretləşmiş rəsmi məlumatdır. Ona görə də bu şəkildə də verilməlidir: statistika haqqında qanunda makro yoxdur, mikro var, təhlükəsizlik yoxdur, filan şey var. Onda desinlər ki, biz qabaqcadan qanun qəbul eləmişik. Ona görə də qanun haqqında informasiya veriləndə bütöv, konkret və kütləvi məlumat verərlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qanuna dəyişiklik eləmişdik. Həmin qanunun üzərində komissiyada işləyiblər. Əlavə suallarınız olsa, Sizə cavab verərlər. Səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.20 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin on birinci məsələsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədədir. Bu məsələyə beş komissiyanın iclasında baxılmışdır. Aparıcı komissiya Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasıdır. Ona görə də ilk sözü Ziyafət müəllimə veririk. Buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Möhtərəm cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi ilə əlaqədar sənədlər daxil olub. O cümlədən bizim komissiyaya 4 sənəd daxil olubdur. Birinci, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələrin edilməsidir. Hörmətli cənab sədr qeyd elədi, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavələr və dəyişikliklər nəzərdə tutulub. “Hərbi vəziyyət haqqında” Qanun 1994-cü ildə qəbul olunubdur. 1998, 2001, 2004-cü illərdə bu qanuna bu və ya digər dərəcədə əlavələr və dəyişikliklər edilibdir. Bu da onunla əlaqədardır ki, biz 1995-ci ildə ilk milli Konstitusiyamızı qəbul etdik. Amma bu qanun Konstitusiyadan əvvəl qəbul olunmuşdur. Təbii ki, bu qanun Konstitusiyaya uyğunlaşdırılmalı idi. 1996-cı ildə “Dövlət sirri haqqında” Qanun qəbul etdik. 2004-cü il sentyabr ayının 23-də isə biz yeni qanun qəbul etdik. 1996-cı ildə qəbul edilən “Dövlət sirri haqqında” Qanun qarşıya qoyulan tələblərə cavab vermirdi. Təkmilləşdirilmiş qaydada yeni qanun qəbul edildi. Bu qanunun tətbiqi ilə əlaqədar bu qanunu müəyyən mənada tamamlayan digər qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Birinci növbədə, “Hərbi vəziyyət haqqında” Qanunun 11-ci maddəsinə aşağıdakı məzmunda 12-ci bəndin əlavə edilməsi təklif edilir: “Hərbi vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi”. Hörmətli deputatlar, eyni ilə bu məzmunda olan müddəa “Dövlət sirri haqqında” Qanunun 1-ci maddəsində artıq öz əksini tapıb. Yəni bu uyğunlaşdırma mütləq olmalıdır.
İkinci məsələ. “Fövqəladə vəziyyət haqqında” Qanunu 2004-cü ildə qəbul eləmişik. Eyni məzmunda burada da bir müddəa əlavə olunur: “Fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi”. Geniş izaha ehtiyac yoxdur, hərbi vəziyyət, fövqəladə vəziyyət dövründə bu cür normanın olması tamamilə yerində olan bir məsələdir.
Nəhayət, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulur. Xahiş edirəm, diqqət edin, 8.1.9-cu, 10.3.6-cı, 13.5-ci, 16.2.1-ci və 21.2-ci maddələrdə “məxfi” sözü “konfidensial” sözü ilə əvəz edilir. 1-ci maddə çıxarılıb. Biz dünən Prezidentin İcra Aparatı ilə əlaqə saxladıq. Çünki bu qanun cənab Prezident tərəfindən daxil olub. Bizim qanunlarda “məxfi” sözü də işlənir, “konfidensial” sözü də. Məzmun etibarı ilə ikisi də eynidir. Cənab Prezident təklif edib ki, “məxfi” sözü dilimizə daha yaxın olduğuna görə 1-ci saxlanılsın.
Nəhayət, 14-cü məsələ “Dövlət sirri haqqında” Qanunun qüvvədən düşməsi ilə bağlıdır. Mən artıq qeyd elədim, 2004-cü ildə biz yeni qanun qəbul eləmişik. Təbii ki, yeni qanun qəbul olunandan sonra ondan əvvəl qəbul olunmuş qanun öz qüvvəsini itirir. Ona görə də mən hesab edirəm ki, cənab Prezidentdən daxil olmuş bu əlavələr və dəyişikliklər tamamilə Konstitusiyamıza, “Dövlət sirri haqqında” Qanunun tələblərinə uyğundur. Ona görə də Sizi bunların qəbul edilməsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. İcazə verin, komissiya sədrləri öz fikirlərini desinlər, sonra qanun layihəsini müzakirə edək. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Artıq burada qeyd olundu, bu əlavə və dəyişikliklərin mahiyyəti “Dövlət sirri haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Mən vaxt almadan bizim komissiyada müzakirə olunmuş qanunlara edilən əlavə və dəyişiklikləri konkret olaraq deyəcəyəm. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna edilən düzəlişi “Dövlət sirri haqqında” Qanunun 25.1-ci maddəsi ilə, Mülki Məcəlləyə edilən dəyişikliyi yenə də həmin qanunun 25.1-ci maddəsi ilə, Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnaməni qanunun 21.3-cü maddəsi ilə, Mülki Prosessual Məcəlləni 22.1-ci maddəsi ilə, Cinayət Prosessual Məcəlləni 21.4, 22.1 və 32.4-cü maddələri ilə uyğunlaşdırmaq məqsədi ilə əlavə və düzəlişlər edilir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən əlavə və dəyişikliklərlə bağlı isə dünən qanunvericilik təşəbbüsü subyekti ilə bir daha danışmışıq. Burada söhbət “məxfi” və “konfedensial” anlayışlarından gedir. Razılaşmışıq ki, bu ifadələr 8-ci bənddən çıxarılsın. Bu məsələ də qanunvericilik təşəbbüsü subyekti ilə, Prezidentin İcra Aparatı ilə razılaşdırıldığına görə hesab edirəm ki, qəbul edilə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Cənab Sədr, bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmişdir. Ziyafət müəllimin dediyi təklifləri bizim komissiya da qəbul etmişdir. Bizim komissiyanın bu məsələyə heç bir iradı yoxdur və bayaq Nizami müəllimin toxunduğu bir sıra məsələlər də burada öz əksini tapmışdır. Yəni dünyanın bütün inkişaf etmiş ölkələrində artıq bu cürdür, ölkənin əsas makroiqtisadi göstəriciləri internet saytlarında verilir. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun hesabatlarında bunlar verilir. Dövlət sirri ilə əlaqədar olan məsələlər “Dövlət sirri haqqında” Qanunda öz əksini tapdığından bizim heç bir iradımız yoxdur və biz bunu bəyənirik.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barəsində qanun layihəsi bizim komissiyada müzakirə olunmuşdur. Üç əlavə və dəyişiklik komissiya tərəfindən qəbul olunmuşdur və Milli Məclisin müzakirəsinə təqdim olunur. Bu, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunudur, sonra bununla əlaqədar Əsasnamədir ki, 3 dəyişiklik nəzərdə tutulur.
Amma bir şeyi qeyd edim ki, bu iki sənəd arasında, yəni “Dövlət sirri haqqında” Qanunla “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun arasında 10 il vaxt var. Yəni bu, 1994-cü ildə qəbul olunmuş qanundur və vaxtaşırı buna müəyyən dəyişikliklər edilmişdir. Mənə elə gəlir ki, artıq “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun özünə də yenidən baxılmasına böyük ehtiyac var. Bu, dövlət sirri ilə əlaqədar olduğuna görə burada söhbət təkcə Azərbaycan vətəndaşlarının deyil, həm də Azərbaycanda yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin bu məsələyə münasibəti və yaxud onların ölkədən gedərkən fəaliyyətinin, hərəkətinin məhdudlaşdırılmasından gedir. Zənnimcə, burada onların hüquqlarının məhdudlaşdırılması baxımından heç bir qərəzli məqam yoxdur və hesab edirik ki, bu dəyişikliyə böyük ehtiyac var idi. Hər 3 dəyişiklik dövrün tələblərinə cavab verir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev. Hörmətli Sədr, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı olaraq Azərbaycan Respublikasının “Patent haqqında” Qanununun da müəyyən müddəalarına dəyişiklik edilməsinə zərurət yaranmışdır. Söhbət “Patent haqqında” Qanunun 14-cü maddəsinin ikinci hissəsinə qismən dəyişiklik edilməsindən gedir. Məlum olduğu kimi, həmin bəndə görə patent sahibinin razılığı olmadan heç kəs patentlə mühafizə olunan sənaye mülkiyyəti obyektindən istifadə edə bilməz. Başqa sözlə desək, həmin ixtira üzərində patent sahibinin müstəsna hüquqları vardır. Lakin təcrübə göstərir ki, bu ixtiraların bəziləri dövlət sirri əhəmiyyəti daşıyır və buna görə də ondan müəyyən qədər istifadə olunmasına məhdudiyyət qoyulmasına ehtiyac vardır. Bu məhdudiyyət bütün ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Söhbət müvəqqəti məhdudiyyətdən gedir. Ona görə də həmin maddənin ikinci bəndində göstərilən müddəaya belə bir cümlənin əlavə olunması təklif olunur: “Dövlət sirri təşkil edən məlumatları əks etdirən ixtiralardan istifadə etmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər». Bu dəyişiklik və əlavə Elm və təhsil məsələləri daimi komissiyasında müzakirə olunub, yekdilliklə qəbul olunmuşdur. Hesab edirəm ki, belə bir dəyişikliyin edilməsi tamamilə məqsədəuyğundur. Çünki bu, dövlət sirri daşıyan bəzi ixtiraların məhdudiyyətsiz olaraq ölkədən çıxarılmasının və yaxud da digər subyektlərə ötürülməsinin qarşısını ala bilər. Komissiya hesab edir ki, belə bir dəyişikliyin edilməsi zəruridir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Şəmsəddin müəllim. Buyurun, Elmira xanım.
E. Axundova. Mən “Milli arxiv fondu haqqında” Qanuna edilən dəyişikliklər haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, burada söhbət dövlət sirri olan arxiv sənədlərinin 30 il saxlanılmasından gedir. Mən bunun əleyhinəyəm. Soruşmaq istəyirəm ki, bu müddət sovet dövründə olan materiallara aiddir, ya yox? Mən konkret olaraq bu əlavəyə qarşı çıxıram.
Burada yazır ki, bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər. Mən başa düşürəm ki, bu, birinci redaksiyadan daha yumşaqdır. Birinci redaksiyada yazılmışdı ki, bu müddət müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər. Yəni burada təkid var. İkinci redaksiyada belə sərt deyil. Amma yenə də mənə maraqlıdır ki, kim, hansı orqan bu müddəti uzada bilər? Mənə elə gəlir ki, 30 il çox böyük müddətdir və onu yenə uzatmaq nə dərəcədə məqsədəuyğundur? Zəhmət olmasa, buna bir cavab verərdiniz. Bəlkə siz bizə deyəsiniz, başqa ölkələrdə bu müddət nə qədərdir? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami müəllim, buyurun.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxış edən deputatlara çox diqqətlə qulaq asdım. Burada nə isə bir məsələ unudulur. O hansıdır? Burada deyildi ki, dövlət sirri olan, yaxud statistikaya aid müəyyən məlumatlar ancaq elmi tədqiqat işi ilə məşğul olanlara göstərilir. Yaxşı, bu elmi tədqiqat işi ilə məşğul olan dövlət sirri xarakterli məlumatlardan istifadə edir və məqalə, yaxud kitab yazır. Yaxud tədqiqatçı bunu ya kitab, ya da böyük məqalə şəklində nəşr etdirir. Balam, bunun nə dəxli var? Yayılır və kütləvi nəşrdir. Onun üçün də qanuna salmaq ki, bundan ancaq elmi tədqiqatçılar istifadə edə bilərlər, doğru deyil. Elmi tədqiqatçılar dissertantlar, aspirantlar, elmi işlə məşğul olanlardır. Onlar tədqiqatçıdırlar və onların məqsədi odur ki, istifadə etdikləri arxiv, yaxud statistik məlumatları sonradan məqalə və yaxud kitab şəklində nəşr etdirsinlər. Biz də qanuna salırıq ki, ondan həm elmi tədqiqatçılar istifadə edə bilərlər, həm də deyirik ki, bunlar dövlət sirridir, bunu yaymaq olmaz. İndi Şəmsəddin müəllim çox yaxşı dedi. Tutaq ki, patent sahibi onun təklifindən istifadə olunmasını istəmir, qadağan edib. Onda gərək tədqiqatçı da, başqa mütəxəssis də ondan istifadə etməsin. Əgər o, qanunda yoxdursa, deməli, ondan istifadə edəcəklər. Mənim xahişim ondan ibarətdir ki, Elm və təhsil məsələləri daimi komissiyasının verdiyi faydalı təklif qanun layihəsində öz əksini tapsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Siyavuş müəllim.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan məsələyə nəzər salsaq, bu, “Dövlət sirri haqqında” Qanunda olduğu kimi yazılıbdır. Sadəcə olaraq, oradan götürülüb, olduğu kimi bura tətbiq olunur. Yəni texniki xarakter daşıyır. Bu, müzakirəyə daxil olan bir məsələ deyil. Ona görə də mən təklif edirəm, səs verək və qəbul edək.
Sədrlik edən. Əvvəlcə, suallara cavab versinlər, sonra səsə qoyaq. Rəbiyyət xanım, buyurun.
R. Aslanova. Çox sağ olun, hörmətli Sədr. Doğrudan da, bu o qədər də asan məsələ deyil ki, biz onun üzərindən keçək. Məsələ bundadır ki, Milli Arxiv Fondunda saxlanılan sənədlərin hər biri Azərbaycan xalqı üçün kifayət qədər dəyərlidir. Mən özüm də tədqiqatçıyam, elə sənədlər, elə materiallar var ki, onları nəinki 30 il, heç 100 il sonra da ortaya qoymağa və xalqa çatdırmağa ehtiyac yoxdur. Məsələn, Britaniya parlamenti Frensis Bekonun vəsiyyətini açmağı öz öhdəsinə götürmədi. Halbuki, Frensis Bekon 400 il bundan qabaq vəfat edərkən vəsiyyətnaməsinin açılmasını öz iradəsi ilə yazmışdı. Ancaq hesab etdilər ki, bununla ingilis xalqının itirəcəyi qazandığından çox olacaq. Ona görə onun üzərinə “əbədi qorumalı” və “əbədi gizli saxlamalı” möhürünü vurdular.
Yaxud gəlin Azərbaycanın öz reallığına müraciət edək. Hamımız gözəl bilirik ki, repressiya illərində Azərbaycanın nə qədər say-seçmə insanları həbs edilib, sürgünə göndərilib. Onlar haqqında yazılan məlumatlarda, verilən danoslarda bu gün Azərbaycan üçün kifayət qədər dəyərli saydığımız insanların imzası var. O insanların adlarını bu gün cəmiyyətə açmaqla Azərbaycan xalqı nə isə qazanacaqmı? Vəfat etmiş o adamlar bizim üçün böyük insanlardırlar. Gəlin, belə fikirləşək, doğrudan da, elə sirlər var ki, hətta tədqiqatçıların onları ictimaiyyətə çatdırmasından biz udmayacağıq, uduzacağıq.
Mən Elmira xanımın 30 il müddəti ilə bağlı dediklərini bölüşürəm. Burada diferensiasiya olmalıdır. Müəyyənləşdirilməlidir ki, tədqiqatçıya hansı sənədləri vermək olar, hansını yox. Tədqiqatçıdan tədqiqatçıya fərq var. Elə tədqiqatçı var ki, onun yazdığı və cəmiyyətə çatdırdığı məlumat bütün xalqın heysiyyatına toxunar, imicinə zərər gətirər. Buna görə belə əsərlərə çox diqqətlə yanaşılmalıdır. Mən hesab edərdim ki, bu məsələdə “diferensiasiya” sözü nəzərə alınsın və müəyyən məlumatların cəmiyyətə ötürülməsinin qarşısı alınsın.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bilirsiniz, biz artıq bu qanunun predmetini qoyub, başqa qanunların, başqa problemlərin müzakirəsinə keçdik. Məsələ çox konkretdir. “Dövlət sirri haqqında” Qanun qəbul olunub və onun müddəaları digər qanunlara köçürülür. Bunun mahiyyəti bundan ibarətdir və əgər kiminsə hər hansı bir qanuna düzəlişlə bağlı iradı varsa, o, komissiyada müzakirə oluna bilər. Amma konkret olaraq bu qanun layihəsinin mahiyyəti “Dövlət sirri haqqında” Qanunun müddəalarının köçürülməsindən ibarətdir. Məqsəd qanunvericiliyi nizama salmaq, dəqiqləşdirməkdir. Ona görə hesab edirəm, bu, səsə qoyulmalıdır.
Sədrlik edən. Əli müəllim, tamamilə düzgün dedi. Qanunların hamısının həyata keçirilmə qaydaları var. Nazirlər Kabinetinin xüsusi qərarları var. O qaydalarda bu öz əksini tapır. Yəni biz bu qaydalara izahat verməliyik. Amma bu gün müzakirə etdiyimiz qanun sizin qarşınızda müzakirə olundu. Buyurun, Ziyafət müəllim, Siz də cavab verin, sonra səsə qoyaq.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, doğrudan da, Elmira xanımın verdiyi sual çox aktualdır. Amma bugünkü müzakirəyə aid olmayan sualdır. Doğrudan da, əgər Sizi 30 illik müddət məsələsi maraqlandırırsa, gələn iclaslarda qanuna bu və ya digər dəyişiklik etmək mümkündür. Nizami müəllim də bu məsələni qaldırdı. Mən bayaq dedim, Nizami müəllim, “dövlət sirri ilə işləməyə buraxılma” və “dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma” tamamilə ayrı-ayrı şeylərdir.
Dövlətin təhlükəsizliyi üçün əhəmiyyətindən asılı olaraq Sizin dediyiniz aspirantlar, elmi işçilər ya həmin məlumatla tanış ola bilərlər, ya da o, doğrudan da, dövlət üçün olduqca vacibdirsə, bu məlumatlarla işləməyə buraxıla bilərlər. Həmin məlumatlarla işləməyə də, tanış olmağa da buraxılma ola bilər. Yəni burada qeyri-adi bir şey yoxdur. Yenə deyirəm, bu mübahisənin burada açılması yersizdir, ona görə ki, biz konkret olaraq bunları “Dövlət sirri haqqında” Qanuna uyğunlaşdırırıq. Burada qaldırılan məsələlərə gəldikdə isə, yenə deyirəm, gələcəkdə bunları qaldırarsınız, baxarıq, əlavə və dəyişikliklər etmək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.20 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  86
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, cənab Prezident tərəfindən “Dövlət sirri haqqında” Qanunun 18-ci maddəsinin adında və 18.1, 18.2 maddələrində “dövlətlərə” sözündən sonra “və beynəlxalq təşkilatlara” sözləri əlavə edilməsi təklif olunub. Burada söhbət nədən gedir? Hal-hazırda bizim qüvvədə olan “Dövlət sirri haqqında” Qanunda verilib ki, zərurət yaranıbsa, biz dövlət sirri təşkil edən məlumatları digər dövlətlərə verə bilərik. Bu, əlbəttə, dövlətlərarası müqavilə ilə tənzimlənir. Bilirsiniz ki, biz “Terrorizmə qarşı mübarizə” Konvensiyasına qoşulmuşuq. Bizim də “Terrorizmə qarşı mübarizə haqqında” Qanunumuz var. Bunlar terrorizmlə bağlı olan məlumatlardır. Əlbəttə, terrorizmlə mübarizəni tək bir dövlət apara bilməz, bu, ümumdünya işidir. Ona görə də bütün dövlətlər bu işə qoşulmalıdırlar. Təklif olunur ki, bu konvensiyanın tələblərinə müvafiq olaraq belə məlumatlar beynəlxalq təşkilatlara da verilə bilər.
Amma bu məsələ özbaşına buraxılmır. Bu da müəyyən şərtlər daxilində ola bilər. Məsələn, 18.1-də əlavə olunur ki, dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı belə məlumatların verilməsinin mümkünlüyü haqqında müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul edir.
Deməli, bu, 3 halda ola bilər. Biz beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmüşük. Məsələn, deyək, bizim BMT, yaxud Avropa Şurası ilə müqaviləmiz var ki, belə olan hallarda biz həmin beynəlxalq təşkilata dövlət sirri təşkil edən məlumatı verməliyik. Digər tərəfdən də, əgər belə bir öhdəliyimiz yoxdursa, amma belə bir zərurət meydana çıxırsa, onda biz bunu ancaq həmin icra orqanının ekspertinin rəyi əsasında verə bilərik.
Hesab edirəm ki, bu tamamilə qanunauyğun bir normadır. Biz dünya birliyinin üzvüyük, beynəlxalq təşkilatlarla da çox sıx əlaqələrimiz var. Bizə də beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən belə sirr təşkil edən məlumatlar verilə bilər, verilir də. Qarşılıqlı əməkdaşlıq şəraitində işləyirik. Ona görə hesab edirəm ki, bu, normal bir məsələdir və buna səs verib qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.24 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  86
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi barədədir. Hadi Rəcəbliyə söz verilir.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Əhalinin sağlamlığının qorunması sosial siyasətin prioriteti olaraq daim Prezidentimiz möhtərəm İlham Əliyevin diqqət mərkəzindədir. Bu istiqamətdə ardıcıl olaraq qanun yaradıcılığı prosesi gedir. Biz qanun yaradıcılığı prosesində əhalinin, icra strukturlarının və qanun subyektlərinin münasibətlərinin tənzimlənməsinə xüsusi diqqət yetiririk.
Bildiyimiz kimi, belə qanunlardan biri də “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanundur. Bu qanun möhtərəm Prezidentimiz tərəfindən 2005-ci ilin may ayında imzalanıbdır. Biz iki “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna və Ailə Məcəlləsinə dəyişiklik edirik və hər iki halda sosial müdafiənin gücləndirilməsi istiqamətində addım atırıq. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 16-cı maddəsində “müayinədən keçmək” sözlərindən sonra “dispanser nəzarətində olmaq” sözləri əlavə edilir. Ailə Məcəlləsində isə “tibbi-genetik” sözlərindən sonra “tibbi-psixoloji” sözləri əlavə edilib. Bu halda da biz sosial müdafiəni gücləndiririk, bu qrup əhalinin sosial müdafiəsinə daha çox qayğı göstərmiş oluruq. Hesab edirəm ki, bu düzəlişlər əhəmiyyətlidir və qanunun tətbiqi ilə əlaqədar lazım olan addımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Nə təklif var? Yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.27 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf 0
Səs verməd 2
İştirak edir  87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdə duran növbəti məsələ Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən Milli Məclisə Seçki Məcəlləsinin 209.2-ci maddəsinə dəyişiklik edilməsi barədə qanun layihəsi daxil olmuşdur. Məlumat üçün bildirmək istəyirəm ki, Seçki Məcəlləsinin bu maddəsi and içdiyi gündən Prezidentin əmək haqqının müəyyənləşdirilməsi məsələsini özündə əks etdirir. Ümumiyyətlə, Seçki Məcəlləsinin bu maddəsi müzakirə olunarkən o zaman Azərbaycanda minimum əmək haqqı 27500 manat idi. Amma yadınızdadırsa, cənab İlham Əliyev Prezident seçildiyi gündən sonra qəbul etdiyi ilk qərarlardan biri Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı oldu.
Yəqin yadınızdadır, 2003-cü ilin 11 noyabrında biz düzəliş etdik və cənab Prezident bu maddədə minimum əmək haqqının 3000 misli məbləğini 600 mislə endirdi. Yəni Prezidentin öz əmək haqqına olan münasibəti ilə bağlı qəbul etdiyi qərarı qeyd edirəm. Əlbəttə, bu barədə çoxlu fikir mübadiləsi etmək olar. Amma bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkənin iqtisadi inkişaf tempi hər birimizə məlumdur, regionda aparıcı bir dövlətik. İqtisadçılar, yəqin, bu barədə daha da geniş məlumat verə bilərlər.
Amma bir faktı deyim. 2003-cü il sentyabr ayının 1-dən minimum əmək haqqının məbləği 45 min manata, 2004-cü il yanvar ayının 1-dən isə 60 min manata çatdı. Amma son seçki dövründə minimum əmək haqqının məbləği daha da artırıldı və 150 min manata çatdırıldı. Sözsüz ki, bu son deyil, qarşıdan gələn illərdə bu məbləğ dəfələrlə dəyişəcəkdir.
Cənab Prezidentin təqdim etdiyi qanun layihəsinin ikinci bir müsbət məqamı da ondan ibarətdir ki, Prezidentin əmək haqqı konkret olaraq yeni manat miqyasında müəyyənləşdirilir, 15 min manat təşkil edir. Əlbəttə, mən qətiyyən bu fikrin tərəfdarı deyiləm və hesab edirəm ki, Azərbaycan Prezidentinin fəaliyyəti bütövlükdə o əmək haqqı ilə ölçülməməlidir. Əvvəl də mən bunu etməmişdim, indi də etmədim. Yəni başqa dövlətlərin prezidentlərinin əmək haqqı barədə sizə hər hansı bir məlumat vermək fikrində deyiləm. Çünki hesab edirəm ki, ümummilli liderimiz Heydər Əliyevin də və bu gün cənab Prezidentimiz İlham Əliyevin də fəaliyyəti, sözsüz ki, bütövlükdə xalq tərəfindən dəstəklənir və hesab edirəm ki, qiymətsizdir. Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin öz əmək haqqı ilə bağlı Seçki Məcəlləsinə təklif etdiyi bu düzəliş təvazökarlığın və siyasi mədəniyyətin bir nümunəsidir. Bu, əvvəlkindən bir qədər aşağı əmək haqqıdır. Amma bu, Prezidentin qərarıdır, Prezidentin təklif etdiyi qanun layihəsidir. Hesab edirəm ki, bu qərarı dəstəkləmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim.
Yerdən. (Eşidilmir).
Ə. Hüseynov. Çünki mən başqa dövlətləri Azərbaycanla və başqa prezidentləri Azərbaycan Prezidenti ilə müqayisə etmirəm.
Sədrlik edən. Xahiş edirəm, sözünüz varsa, yazılın, bildirin.
Ə.Hüseynov. Hesab edirəm ki, müzakirə olunanda fikirləri söyləmək olar.
Sədrlik edən. Xahiş edirəm, sözünüz olanda yazılın, sonra danışın. Çox sağ olun, Əli müəllim. Çıxış etmək istəyən var? Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi ilə əlaqədar Əli müəllim ətraflı məlumat verdi. Lakin mən qeyd etmək istəyirəm ki, Əli müəllimin verdiyi məlumat əsasında biz Prezidentin əmək haqqını nəinki azaltmalı, əksinə, 100 faiz artırmalı idik. Çünki ölkədə gedən iqtisadi islahatları, günü-gündən bütün təbəqələrin əmək haqlarının artırılmasını və digər məsələləri nəzərə almalıyıq. Azərbaycan Prezidentinin əmək haqqı yeni manatla 1800 manat olmalı idi, biz onu 1500 manata endiririk. Bu qanuna səs verməklə biz onu 300 manat azaldırıq. Hesab edirəm ki, bu, düzgün deyil. Çünki Prezidentin əmək haqqı təkcə onun zəhmət haqqı deyil, həm də ölkənin inkişafının göstəricisidir. Ona görə də burada sual qaldırıldı. Amerika konqresmeninin aylıq əmək haqqı ölkə Prezidentinin aylıq əmək haqqından yuxarıdır. Biz ətraf dövlətlərə də nəzər salsaq, hesab edirəm ki, bunu azaltmaq yox, artırmaq lazımdır.
Digər bir məsələyə toxunmaq istəyirəm. Oqtay müəllim, biz Seçki Məcəlləsinə düzəliş edirik. Siz görürsünüz ki, hər iclasda biz Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edirik. Ölkədə yeni parlament seçkiləri keçirilib. Ondan əvvəl bələdiyyə seçkiləri keçirilib və Seçki Məcəlləsində kifayət qədər çatışmayan müvafiq maddələr var. Mənə elə gəlir, bunu bütöv şəkildə birdəfəlik həll eləmək lazımdır. Qanunvericiliyə nəzər salsaq, heç bir ölkənin tarixində belə bir şey yoxdur. Polşada Prezident də seçdilər, parlament də. Halbuki Polşa həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Əhalini bu qədər gərgin vəziyyətdə saxlamaq nəyə lazımdır? Heç yerdə təkrar seçki 4 ay müddətində olmur. Burada hüquqşünaslar var, bilirlər ki, bir seçki keçibsə, 4 ay müddəti nəyə lazımdır? Bu məsələlərə baxılmalıdır.
Sonra, kampaniyanın aparılma müddətlərinə baxılmalıdır. Seçki qərargahlarının hüquqi təminatının olmasına baxılmalıdır. Digər çoxsaylı nüanslar var. Vəkillik İnstitutu, ümumiyyətlə, yoxdur, nəzərdə tutulmayıb. Ona görə Əli müəllimdən xahiş edirəm ki, gələcəkdə bunları nəzərə alsın və Seçki Məcəlləsinə hər dəfə bir düzəliş yox, kompleks şəklində düzəliş etməliyik. Bu məsələyə gəldikdə mən bununla razılaşmıram və hesab edirəm ki, bu artmalıdır, azalmamalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa çıxış etmək istəyən varmı? Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu mənim III çağırış Milli Məclisdə ilk çıxışım olduğuna görə istərdim, bütün seçilmiş millət vəkillərini təbrik edim, mənə səs vermiş, seçilməyimdə xidmətləri olmuş hər bir şəxsə öz dərin minnətdarlığımı bildirim. Eyni zamanda, məni təbrik etmiş insanlara da parlament tribunasından dərin minnətdarlığımı çatdırıram.
Oqtay müəllim, müzakirəyə çıxarılan məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, biz buna səs verək. Amma buna səs verməzdən öncə qeyd etmək istərdim ki, sabah Azərbaycan Prezidentinin ad günüdür. Gəlin, parlament adından onu təbrik eləyək və bundan sonra qanunvericilikdə bir müddəa nəzərdə tutaq. İnkişaf etmiş ölkələrin çoxunda da bu var, Prezident səlahiyyətlərini həyata keçirdiyi dövrdə öz maaşını artıra bilməz. Məsələn, Amerika Birləşmiş Ştatlarında Prezident hesab edirsə ki, Prezident üçün müəyyən olunmuş əmək haqqı kifayət eləmir, onda o yalnız özündən sonrakı dövr üçün Prezidentin əmək haqqının artırılması ilə bağlı təşəbbüslə çıxış edir. Mən hesab edirəm ki, biz bunu bu gün təsdiq etməklə yanaşı, qanunvericiliyə belə bir müddəa da əlavə etməliyik. Əgər Azərbaycan Respublikasının Prezidenti bir ildən sonra hesab eləsə ki, onun maaşı kifayət eləmir, onu artırmaq lazımdır, onda o, 2008-ci ildən seçiləcək prezidentin maaşını artıra bilər. Bu, bütün dünyada qəbul olunmuş bir qaydadır.
Bundan başqa, hörmətli Sədr, mən hesab edirəm ki, bu gün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səlahiyyətsiz fəaliyyət göstərir. Bizim Seçki Məcəlləsinə görə parlamentin ilk iclasında Mərkəzi Seçki Komissiyasının indiki tərkibdəki üzvlərinin səlahiyyət müddəti başa çatır. Səlahiyyəti olmayan bir qrup seçki təqvimini təsdiq eləyib. Bu məsələ mütləq parlamentin növbəti iclasının müzakirəsinə çıxarılmalıdır. Ya onların səlahiyyət müddətini artırmalıyıq, ya da Seçki Məcəlləsinə uyğun olaraq yenidən Mərkəzi Seçki Komissiyasını formalaşdırmalıyıq.
Oqtay müəllim, mənim vaxtım var, istəyirəm, yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü qabağı bir təşəbbüslə də çıxış eləyim. Mən Mərkəzi Seçki Komissiyasında işləyəndə də, II çağırış Milli Məclisin üzvü olanda da öz əmək haqqımdan Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmüşəm. Bilirsiniz ki, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə belə bir fond yaradılıb. İndi də təklif edirəm ki, ilk əmək haqlarımızdan 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna, 1 milyon manat da Heydər Əliyev Fonduna köçürək. Rayonlardan seçilən millət vəkilləri bilirlər ki, Azərbaycanın rayonlarında hər 3-4 kənddən birində yeni məktəb tikməyə və ya məktəbləri təmir etməyə ehtiyac var. Heydər Əliyev Fondu xeyirxah təşəbbüslə xeyli iş görür. Dəfələrlə seyr eləmişik, xüsusilə kimsəsiz uşaqlara qayğı göstərir, bərbad vəziyyətdə olan evlərin təmiri ilə məşğul olur. Biz də bu xeyirxah işə öz töhfəmizi verək. Azərbaycanın digər iş adamlarına müraciət edək, qoy onlar da bu işə qoşulsunlar, bu fondlara pul köçürsünlər ki, bu iş davam etdirilsin. Bu gün sizin adınıza belə bir ərizə ilə müraciət edəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı müzakirəni davam etdirməyə ehtiyac yoxdur. Bu məsələ möhtərəm Prezidentimizin öz təklifidir. Ona görə xahiş edirəm, onun təklifinə hörmətlə yanaşaq. Xahiş edirəm, cənab Prezidentin təklifinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 13.39 dəq.)
Lehinə  89
Əleyhinə  1
Bitərəf  1
Səs verməd 0
İştirak edir  91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdə duran növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barəsindədir. Bu məsələyə iki komissiyanın iclasında baxılmışdır. Arif Rəhimzadəyə söz verilir.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinin qanunvericilik təşəbbüsü əsasında təqdim olunub. Nəzərdə tutulur ki, Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti ilə əlaqədar onların statusu, icra hakimiyyəti orqanları ilə münasibətləri bir qədər dəqiqləşdirilsin. Bu məqsədlə bir neçə qanuna düzəlişlər verilib.
Birinci düzəliş “Bələdiyyələrin statusu haqqında” Qanunadır. Burada 15 və 22-ci maddələrə dəyişiklik təklif olunur. Bunlar bələdiyyə üzvünün əmək haqqı və əmək fəaliyyəti ilə əlaqədardır: ”Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir”. Digər düzəliş isə 22-ci maddənin ikinci hissəsinədir. Təklif olunur ki, “məsul vəzifə tutduqda” sözlərindən sonra “və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda” sözləri əlavə edilsin.
Növbəti düzəliş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinədir. Torpaq Məcəlləsinin 56-cı maddəsi “Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları” adlanır. Burada nəzərdə tutulur ki, bələdiyyə mülkiyyətində olan torpaq mülkiyyətə, istifadəyə və icarəyə verilərkən hansı aidiyyatı orqanlarla razılaşdırılmalıdır. Burada “razılığı” sözü “rəyi” sözü ilə əvəz edilib. Biz də hesab edirik ki, bu tamamilə düzdür, bələdiyyənin nüfuzunu bir qədər də artırır.
Növbəti məsələ “Bələdiyyələrin nümunəvi nizamnaməsi”nə dəyişikliklər edilməsi barədədir. Burada “Bələdiyyənin fəaliyyətinin təşkili” adlanan IV bəndə yeni abzas təklif olunur. Daha doğrusu, burada belə bir yarımbənd var idi: “yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi”. Yeni redaksiyada bu, daha da dəqiqləşdirilib: “növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi”.
Növbəti düzəliş “Bələdiyyə üzvünün statusu haqqında” Qanunadır. Bayaq deyildiyi kimi, “Bələdiyyə üzvünün istehsal və ya xidmət fəaliyyətinə münasibəti” adlanan 13-cü maddəyə düzəliş verilir: “...Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir”.
Növbəti düzəliş Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinədir. Əvvəlki redaksiyada qeyri-konkret bir müddəa var idi. Təklif olunan yeni variantda nəzərdə tutulur ki, əlavə audit aparılması yerli özünüidarəetmə orqanlarına həvalə olunur.
Növbəti düzəliş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Qanunadır. Əsasnamədə dəyişiklik edilib, dediyim kimi, Torpaq Məcəlləsinə uyğunlaşdırılıb. Yeni redaksiya belədir: ”Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.”
Növbəti düzəliş “Büdcə sistemi haqqında” Qanunadır. Burada 35-ci maddəyə üçüncü bənd əlavə olunur. 35.3-də göstərilir ki, yerli büdcə layihəsinin təsdiqi prosesi hansı qaydada getməlidir və necə müzakirə olunmalıdır.
Eyni zamanda, bu qanunun “Yerli büdcənin müzakirəsi və təsdiqi” adlanan 36-cı maddəsinə də düzəliş verilib. Yeni redaksiyada nəzərdə tutulur ki, növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Qabaqkı redaksiyada bu, qeyri-konkret formada verilmişdi.
Bu qanunun 39-cu maddəsinə də düzəliş verilib. Yeni redaksiyada nəzərdə tutulur ki, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.
Növbəti düzəliş “Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunadır. Burada da yeni bir bənd verilib. Burada nəzərdə tutulub ki, Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir.
Nəhayət, axırıncı düzəliş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyədir. Keçmiş variantda nəzərdə tutulurdu ki, vergi ödəyiciləri bələdiyyə orqanlarının fəaliyyətindən, rəhbərliyindən və vergi təşkilatlarından narazılığını bir neçə ünvana, o cümlədən məhkəməyə və Bələdiyyə Şurasına göndərə bilər. 6.2, 6.3 və 6.4-cü maddələrdən “bələdiyyə şurasına” sözləri çıxarılıb. Bu da hesab edirik, əsaslıdır, çünki Bələdiyyə Şurası bələdiyyə üzvlərindən təşkil olunur. Onların elə bir səlahiyyətləri də yoxdur. Digər tərəfdən bu, məsələnin düzgün və operativ həll olunmasına gətirib çıxara bilər. Qanun layihəsi komissiyada müzakirə olunub və sizin müzakirənizə tövsiyə edilir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə də öz fikrini desin.
Z. Səmədzadə. Arif müəllim qanuna ediləcək dəyişikliklər barədə ətraflı məlumat verdi. Bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında da müzakirə edilib, dəyişikliklər yekdilliklə qəbul edilib.
Sədrlik edən. Çıxış etmək istəyən var? Buyurun.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsinə mən bütövlükdə müsbət yanaşıram, ona səs verəcəyəm və eyni zamanda, millət vəkillərini də dəvət edirəm ki, təqdim olunmuş əlavə və dəyişikliklərə öz müsbət münasibətini bildirsinlər. Ümidvaram ki, bu qanun layihəsinin qəbul edilməsi ölkəmizdə bələdiyyə təsisatlarının inkişafına və güclənməsinə öz müsbət təsirini göstərəcək.
Bununla bərabər, cənab Sədr, fürsətdən istifadə edib, vacib bildiyim bir məsələni Sizin diqqətinizə çatdırmaq istəyirəm. Nə üçün bunu deyirəm? Ötən illərdə bu məsələni mən dəfələrlə qaldırmışam. İndi artıq Arif Rəhimzadə bu komissiyaya bilavasitə rəhbərlik edir və artıq parlamentin də rəhbərliyi dəyişilibdir. Buna görə ümidvaram ki, mənim bu təklifim, nəhayət, göydən asılı vəziyyətdə qalmayacaqdır.
Söhbət nədən gedir? Abşeron rayonunun bir sıra kəndləri bu günə qədər öz talelərini həll edə bilməyiblər. Mənim deyəcəklərim Ramana südçülük sovxozu deyilən yaşayış məntəqəsi ilə bağlıdır. Burada 1200-dən yuxarı ev var və ümummilli liderimiz mərhum Heydər Əliyevin sərəncamı ilə də orada qaçqınlar üçün 200-dən yuxarı ev tikilibdir. Bu günə qədər bunların statusu bəlli deyildir. Bunlar sadəcə olaraq, göydən asılı vəziyyətdə qalıblar. Bir tərəfdən Abşeron rayonundan, digər tərəfdən isə Sabunçu rayonundan asılıdırlar və ora ərazi vahidi kimi təsdiqini tapmayıbdır.
Bu cür kəndlər Bakıda bir necə dənədir. Bu yaxınlarda, yəqin, Siz də televiziya vasitəsi ilə izlədiniz, Hövsan yaşayış məntəqəsində də bu cür analoji vəziyyət var. Orada artıq torpaqla bağlı ciddi problemlər ortaya çıxmaqdadır. Yəni həmin torpaqlar faktiki olaraq orada yaşayan insanlara verilmir. Tamam kənar adamlara qeyri-qanuni şəkildə satılır və həmin yerlər əlavə məskunlaşma obyekti kimi özünü göstərir. Ona görə də mən sizdən çox xahiş edərdim ki, bu cür biganəliyə son qoyulsun, onların statusu müəyyənləşsin. Mən çox arzulayardım ki, bununla bağlı konkret addımlar atılsın. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Bu suala mən cavab verə bilərəm. Siz bilirsiniz ki, cənab Prezident Suraxanı rayonunda əhali ilə görüşü zamanı bu məsələyə diqqət yetirmişdir. Onun tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verilib və bu məsələ yaxında öz həllini tapacaqdır. Mənim isə Sizdən xahişim odur ki, mümkündürsə, gündəlik ətrafında danışaq. Nə təklif var? Vahid müəllim, sualınız var? Buyurun.
V. Əhmədov. Arif müəllim, Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi nə ilə əlaqədardır? 21.4-cü maddəyə əlavə edirik ki, müəssisələrdə, təşkilatlarda və yerli özünüidarə orqanlarında auditi Hesablama Palatasına veririk. O cümlədən 4.6-da əlavə edirik ki, bələdiyyə orqanlarında da audit aparıla bilər. Bundan ötrü maliyyə orqanları var, Auditorlar Palatası var. Hesablama Palatasına əlavə bir səlahiyyətin verilməsi nə ilə əlaqədardır?
A. Rəhimzadə. Aydındır. İş bundadır ki, Auditorlar Palatası respublikada universal və audit aparan bir orqandır. Maliyyə Nazirliyinin funksiyaları Hesablama Palatasından əsaslı surətdə fərqlənir. Ona görə də hesab edirəm ki, bu, tamamilə düzgün bir məsələdir. Hazırda bələdiyyələrin fəaliyyətində xeyli maliyyə nöqsanları var. Bələdiyyələrə həm də büdcə tərəfindən vəsait ayrılır. O vəsaitdən düzgün istifadə edilməsində problemlər var və belə bir səlahiyyətin Hesablama Palatasına verilməsi, hesab edirəm, tamamilə düzgündür. Eyni zamanda, siz bilirsiniz ki, Ədliyyə Nazirliyinin nəzdində bələdiyyələrə nəzarət edən xüsusi bir qurum yaradılıbdır. Onun bu məsələlərə rəhbərlik etməsinə imkan vermək lazımdır. Bu da bir imkandır. Yeri gəlmişkən, mən deməliyəm ki, o qurumun özünün statusu və səlahiyyətləri xeyli artırılmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.55 dəq.)
Lehinə  93
Əleyhinə  1
Bitərəf  1
Səs verməd 0
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. Qəbələ rayonunun bir neçə inzibati ərazi dairəsinin tərkibindən 5 kənd ayrılaraq, onların əsasında yeni kənd inzibati ərazi vahidləri yaradılır. Məsələ komissiyada müzakirə olunubdur. Həqiqətən, buna çox böyük ehtiyac var. İş bundadır, biz Qəbələ rayonunun relyefini, kommunikasiya sistemini, infrastrukturunu nəzərə alsaq, hətta yaxın bir məsafədə olan kənd lazım olanda ərazi vahidi ilə əlaqədə çətinlik çəkir. Qanuna əsasən nəzərdə tutulur ki, Qəbələ rayonunda 5 əlavə kənd inzibati ərazi vahidi yaradılsın. Bu Xırxatala, Yemişanlı, İmamlı, Bəyli, Siləyli kənd inzibati ərazi vahidləridir. Komissiyada məsələ müzakirə olunub və Milli Məclisə tövsiyə edilibdir. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.58 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 16-ya kimi tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, bildiyimiz kimi, sabah möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum günüdür. İcazə verin, sizin adınızdan cənab Prezidentə can sağlığı, uzun ömür, Azərbaycan xalqı naminə gördüyü bütün işlərdə uğurlar arzulayaq! (Alqışlar.)
Xahiş edirəm, gündəlikdə qalan məsələlərin müzakirəsini davam etdirək. Gündəlikdə duran 17-ci məsələ “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqındadır. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Cənab Prezidentdən daxil olan qanun layihələrindən biri də “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqındadır. Konkret olaraq söhbət “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 1-ci bəndinin “ğ” yarımbəndində “müavinətlər ödənilməsi (iş yeri üzrə)” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq “müavinətlər ödənilməsi” sözləri ilə əvəz edilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsində ”ğ” yarımbəndində “müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində müavinətlər ödənilməsi (iş yeri üzrə)” müəyyən olunur. Təklif olunan variant bundan ibarətdir ki, müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində müavinətlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun verilir.
74-cü maddənin mahiyyəti nədən ibarətdir? Biz 74-cü maddəyə artıq 2004-cü ildə əlavələr və dəyişikliklər etmişik. Söhbət bu müavinətlərin verilməsinin qaydasından gedir. Bu, iki qaydada veriləcək. Müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına 15 gün müddətində iş üzrə, qalan hallarda isə Dövlət Sığorta Fondundan ödəniləcək. Bunun əsas mahiyyəti bundan ibarətdir. Hesab edirəm ki, bu, tamamilə düzgün bir addımdır. Çünki Azərbaycanda imkanımız var ki, bu kateqoriyadan olan işçilərə müavinətləri Dövlət Sığorta Fondundan verək. Hesab edirəm ki, bizim büdcəmiz də buna imkan verir. Dövlət Sığorta Fondundan bu müavinətlərin ödənilməsi irəliyə doğru atılmış bir addımdır və mən bunu təqdirəlayiq hesab edirəm. Ona görə də Sizi cənab Prezidentdən daxil olmuş bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Bu qanun layihəsinə də iki komissiyada baxılmışdır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə söz verilir.
H. Rəcəbli. Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Ziyafət müəllim Əmək Məcəlləsi ilə əlaqədar öz fikirlərini söylədi. Mən istəyirəm, 74-cü maddə haqqında qısa məlumat verim. Əmək Məcəlləsinin 74-cü maddəsinin adı belə səslənir: “Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları”. İdarə və müəssisələrdə üzrlü səbəbdən adamların 6 aya qədər işə çıxmaması müvəqqəti iş qabiliyyətini itirmək hesab olunur. 6 aydan yuxarı isə iş qabiliyyətini itirməyin digər forması halını alır.
Hörmətli Ziyafət müəllim bunu çox yaxşı əsaslandırdı. 2004-cü ildə biz Əmək Məcəlləsinə belə bir əlavə eləmişik. Mən istəyirəm, o əlavəni sizin diqqətinizə çatdıram. Əvvəllər necə idi? Əvvəl əmək qabiliyyətini müvəqqəti itirəndə də Sosial Sığorta Fondu həmin pulu ödəyirdi. Özəl bölməyə keçəndən, əmək münasibətləri dəyişəndən sonra bu məsələyə münasibət də bir az dəyişib. Məsələnin qoyuluşu necədir? Məsələnin qoyuluşu belədir ki, işəgötürən ilk iki həftəni, 14 günü ödəyir. Sahibkardırsa, sahibkar, müəssisədirsə, müəssisə ödəyir. Ondan sonrakı hissəni isə Sosial Sığorta Fondu ödəyir. Belə olan halda biz işəgötürəni maraqlandırırıq ki, onun işçisi xəstələnməsin. Çünki işçi xəstələnəndə onun iki həftəliyinin pulunu işəgötürən ödəyəcək. Ondan sonrakı dövrdə isə bunu sığorta strukturları ödəyəcəklər.
74-cü maddənin 2-ci hissəsinə 2004-cü ildə elədiyimiz düzəlişi oxumaq istəyirəm: “Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır.” Bu, bir daha onu göstərdi ki, biz Əmək Məcəlləsinə hiss olunan dəyişiklik etmişik və bu dəyişiklik də, əlbəttə, bütün qanunlarda öz əksini tapmalıdır.
Bizim komissiyada 3 qanuna edilən əlavələrin müzakirəsi gedib. Birincisi, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi (AİDS) xəstəliyin yayılmasının qarşısının alınması haqqında” Qanundur, ikincisi, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanundur, üçüncüsü isə “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanundur. Bu 3 qanunda əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı dediyimiz halı şamil edirik. Əvvəl orada yazılırdı ki, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət sosial sığorta vəsaiti almaq. İndiki variantda isə yazırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinət almaq. Hər üç halda biz bunu nəzərə almışıq. Bu həm də qanunların uyğunlaşdırılmasıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Hörmətli Sədr, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişiklikləri bəyənirəm və qəbul edirəm. Amma əmək hüquqları ilə əlaqədar bir məsələyə toxunmaq istərdim. Bu, bir növ cari məsələ olduğu üçün yəqin, məni üzürlü hesab eləyərsiniz. Mən həftənin II günü Sizin etimadınızla Moskvaya uçacağam, Milli Məclisin iclasında iştirak edə bilməyəcəyəm. Sonra gec olacaq deyə, indi demək istəyirəm. Mən çox istərdim ki, bizim III çağırış Milli Məclisin üzvlərinin çəkisi daha ağır olsun və bizim xahişlərimizə, bizim təşəbbüslərimizə dövlət məmurları, Nazirlər Kabineti instansiyaları daha diqqətlə yanaşsınlar. Hər bir qanunda bir tale durur, seçicilərimizin xahişləri durur.
Bir məsələ məni çox narahat edir. Yüzlərlə adam məndən xahiş edib ki, bir məsələni Milli Məclisdə səsləndirim. Siz bilirsiniz ki, ayın 31-i və 1-i bayram günləridir. Amma bunlar istirahət günlərinə düşür. Bizə əlavə istirahət günləri verilməsə, istirahət hüququmuz pozulur. Siz bilirsiniz ki, Avropada bu bayrama 15 gün, Rusiyada isə 10 gün vaxt verilir. Bizim camaatımız isə cəmi 2 gün dincələcək. Düzdür, mən başa düşürəm ki, bu bizim deyil, Nazirlər Kabinetinin səlahiyyətləridir. Amma mənə elə gəlir ki, biz belə bir təşəbbüslə çıxış etsək, xalq bizə “çox sağ ol” deyər. Dekabrın 31-i və yanvarın 1-i halal istirahət günləridir. Heç olmasa, bu günlərin əvəzinə 2 gün vaxt verilməlidir. Yadınızdadırsa, sovetlər vaxtında belə bir təcrübə var idi. Biz həmişə o günləri dəyişdirirdik, uzadırdıq və s. Amma indi nə isə bu təcrübəyə son qoyulub. Çox xahiş edərdim ki, biz belə bir təşəbbüslə çıxış edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, Sizin bu təşəbbüsünüzü qəbul edirik. Mən Nazirlər Kabineti ilə danışaram, sonra, nəticəni Sizə deyərəm. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu dəyişiklikləri alqışlayıram və həmkarlarımı buna səs verməyə çağırıram. Mən iki məsələyə toxunmaq istərdim. Mən “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı yazılmışdım, amma çıxış etmək mümkün olmadı. Bilirsiniz, parlament qanun qəbul etməklə yanaşı, həm də ölkədə müəyyən ənənələrin əsasını qoymalıdır. Bilirsiniz, Heydər Əliyev Fondu bu xəstələri xüsusi diqqətdə saxlayır və gələn il Bakıda Talassemiya mərkəzi fəaliyyətə başlayacaq. Bütün dünyada könüllü donorluq inkişaf edir. Könüllü donorlar, adətən, xəstə olmurlar, daha çox sağlam insanlar buna gedirlər və qanla keçən infeksiyaların yayılması da onlarda zəif olur. Bu gün 365 talassemiyalı xəstə çox ağır vəziyyətdədir. Onların ailələri də bu qanı alıb vura bilmirlər və parlamentin 100-dən artıq millət vəkilini və Milli Məclisin bütün əməkdaşlarını bura əlavə etsək, say xeyli artar. Çox yaxşı olardı ki, biz bu ənənənin əsasını qoyardıq, ildə iki dəfə deputatlar və Milli Məclisin işçiləri könüllü qan verərdilər. Bunun üçün müəyyən bir gün təyin olunsa, yaxşı olar. Bununla da cəmiyyətdə yaxşı bir ənənə yaranardı. Bu həm xəstələrin problemini azaldardı, həm də könüllü donorluğun inkişafını sürətləndirərdi.
Mənim vaxtım var, onun üçün başqa bir vacib məsələyə toxunmaq istəyirəm. Bu, Ramil Səfərovla bağlıdır. Bilirsiniz, biz Qarabağ münaqişəsi ilə bağlı güclü informasiya müharibəsi aparırıq. Amma bu gün Macarıstanda nə baş verir? Hər gün Macarıstanın televiziyalarında, internetdə Azərbaycan haqqında qeyri-obyektiv fikirlər verilir. Ermənilərin güclü işi, təbliğatı nəticəsində Macarıstanda və ətraf dövlətlərdə Azərbaycana qarşı çox ciddi mənfi rəy formalaşdırılır.
Parlamentdə Azərbaycan-Macarıstan dostluq qrupu var. Oqtay müəllim, bu dostluq qrupu kütləvi informasiya vasitələrinə, onların parlamentinə müraciətlə çıxış edə bilər. Məsələnin mahiyyətini bilmədən Azərbaycan haqqında mənfi imic formalaşdırırlar. Əslində, Ramil Səfərov qaçqınlıq həyatını yaşamış insandır. Onun iki ən yaxın adamını ermənilər öldürüblər. Ürəklərini çıxardıb, cəsədlərinin üzərinə qoyublar. Mən hesab edirəm, bu dostluq qrupu bu işləri görə bilər və eyni zamanda, hakimə də məktubla müraciət edə bilər. Nə baş verir? Hakim hər dəfə məhkəməni təxirə salır. Ona görə ki, ekspertlər rəy verirlər ki, Ramil Səfərov qismən anlaqsız olub. Çalışırlar, ekspertlər rəy versinlər ki, o, anlaqlı olub. Ona çox ağır cəza vermək istəyirlər. Mən hesab edirəm, dostluq qrupu hakimə də müraciət göndərə bilər. Geniş məktub yazmaq olar ki, bu insan hansı dövrü yaşayıb, Azərbaycan hansı problemlərdən çıxıb. Mənə elə gəlir ki, bunun çox ciddi təsiri ola bilər, Azərbaycan əleyhinə informasiyaların qarşısı alınar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Qənirə xanım. Hadi müəllim, buyurun, suallara cavab verin.
H. Rəcəbli. Minnətdaram, cənab Sədr. Çox düzgün olaraq bu məsələyə toxunurlar. Biz ötən sessiyada Qan və onun donorluğu haqqında çox önəmli bir qanun layihəsi hazırladıq. Bu qanunu BMT-nin İnkişaf proqramı və bir sıra beynəlxalq təşkilatların iştirakı ilə hazırladıq. Bu qanunda qan vermənin, əsasən, könüllülük prinsipini önə çəkdik. Nəyə görə? Çünki pulla qan verənlərin böyük əksəriyyəti xəstə olur. Dünya praktikasında da könüllülük prinsipi önə çəkilibdir. Bizim böyük bir qanunumuz bilavasitə sırf qan və onun donorluğuna həsr olunubdur ki, bu da hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən adamlara kömək məqsədi daşıyır. Siz bilirsiniz ki, möhtərəm şeyximiz bunu Aşura günlərində edir. Yadınıza gəlirsə, kommunist dönəmində bunu raykom katibləri həyata keçirərdilər. Bu işlər var idi. Bizim parlamentdə də belə bir təcrübə var idi ki, qan verirdilər. Mən hesab edirəm ki, bu, yaxşı təşəbbüsdür. Bunu mart ayının əvvəllərində etmək olar. Bütövlükdə biz bu təklifi qəbul edirik. Bizim qanunumuzda bu məsələlər öz əksini tapıb.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Mən də Qənirə xanımın bu təşəbbüsünü alqışlayıram. Qənirə xanım, bir millət vəkili, Milli Məclisin Sədri kimi, mən bu işə birinci qoşulacağam. Allah qoysa, yazqabağı bu təşəbbüsə baxarıq. Əlbəttə ki, bu, könüllülük prinsipi əsasında həyata keçiriləcək. Bu məsələyə hər kəs öz münasibətini bildirəcək. Çox sağ olun. Mixail Zabelin.
M.Zabelin. Спасибо. Уважаемый Председатель, уважаемые депутаты! По Трудовому Кодексу у Ð¼ÐµÐ½Ñ Ð½Ð¸ÐºÐ°ÐºÐ¸Ñ… замечаний нет. Я думаю, можно поставить этот вопрос на голосование, но у нас есть лица, которые не входÑÑ‚ в этот Трудовой Кодекс, права которых в общем-то ущемлены. Это наши дети.
С некоторых пор Ñнварские каникулы  сокращены до 5 ÑнварÑ. Ко мне Ð¾Ð±Ñ€Ð°Ñ‰Ð°ÑŽÑ‚ÑÑ Ð¾Ñ‡ÐµÐ½ÑŒ много родителей. Детский новогодний праздник раньше Ð¿Ñ€Ð¾Ð´Ð¾Ð»Ð¶Ð°Ð»ÑÑ Ð´Ð¾ 10 ÑÐ½Ð²Ð°Ñ€Ñ Ð¸ дети имели возможность посещать новогодние елки. Сейчас каникулы сократили до 5 ÑнварÑ. Я думаю, что если Ð’Ñ‹ по этому вопросу будете Ð¾Ð±Ñ€Ð°Ñ‰Ð°Ñ‚ÑŒÑÑ Ð² Кабинет Министров, Октай муаллим, он решитсÑ. Я думаю, что этот вопрос очень важный и с учетом многочисленных обращений родителей ко мне, может и к другим депутатам, этот вопрос надо решить. Спасибо за внимание.   
O. Əsədov. Spаsibo. Mən demək istərdim ki, 5 günlük tədris proqramına keçdiyimiz üçün tətillərin vaxtı qısaldılıb. Bu məsələlərə bir də baxmaq olar, söhbət edərik. Amma Prezidentin fərmanı ilə 5 günlük tədris proqramı təsdiq olunub. Bu məsələ ilə bağlı başqa çıxış etmək istəyən yoxdur ki? Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 16.21 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul olundu, çox sağ olun.
Gündəliyin növbəti məsələsinə keçirik. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi məcəllələrinə əlavələr edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, “Elektron ticarət haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi məcəllələrə əlavələr edilməsi haqqında qanun layihəsi müzakirənizə təqdim olunub. Burada söhbət Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrdən gedir. Mülki Məcəllə ilə bağlı deyə bilərəm ki, əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər “Elektron ticarət haqqında” qanunvericiliyə uyğun olaraq tənzimlənir. Yəni “Elektron ticarət haqqında” Qanunun bu müddəası Mülki Məcəlləyə köçürülür.
Eyni zamanda, bilirsiniz ki, “Elektron ticarət haqqında” Qanun qəbul edilərkən ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müddəası öz əksini tapmışdır. Bu gün cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə təqdim olunan əlavə – 240-1-ci maddə məhz bu məsuliyyətin növünü və sanksiyaları müəyyənləşdirir. Mən bunu sadalayıb, vaxtınızı almaq istəmirəm. İnzibati Xətalar Məcəlləsində elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan sanksiya normaldır və hesab edirəm ki, bunu qəbul etmək lazımdır. Bu əlavə və düzəlişləri etməklə biz qanunvericiliyimizi həm də nizama salmış olarıq. Ona görə də xahiş edirəm ki, bu qanun layihəsinə səs verəsiniz.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Bir məsələ mənim üçün maraqlıdır. Bir dilçi kimi bu məni maraqlandırır. Bu “Elektron” sözünə “ticarət” sözünü qoşmaq nə dərəcədə terminoloji səciyyə daşıyır? Belə bir yaradıcılıq bizdə, Azərbaycanda başlayıb, yoxsa o biri dillərdə? Elektron ticarət haqqında belə bir birləşmə mövcuddur, yoxsa yoxdur? Əgər bu barədə məlumatlısınızsa, bunu bilmək istəyirəm.
Ə. Hüseynov. Çox sağ olun, Nizami müəllim. Çox az məlumatım var. Ona görə ki, “Elektron ticarət haqqında” Qanunun məruzəçisi Elm və təhsil məsələləri daimi komissiyasının əvvəlki sədri Şahlar müəllim idi. Asəf müəllim də bu məsələdə fəal iştirak edirdi. Amma yadımdadır ki, sizin qaldırdığınız məsələ bizim komissiyada çox geniş müzakirə predmeti oldu. Amma nə dərəcədə düzgündür, mən bu barədə az məlumatlıyam. Ehtiyac varsa, yenidən bu məsələni Elm və təhsil məsələləri daimi komissiyasında müzakirə edə bilərik.
N. Xudiyev. Etirazım yoxdur, amma bu, qanundur. Qanunculuğun öz tələbləri var. Qanun mübahisə açmamalıdır, hökm verməlidir. “Elektron” sözü alınma sözdür. “Ticarət” isə bir alver söhbətidir. “Elektron”a “alveri” qoşmaq nə isə düz səslənmir. Bu, Azərbaycan dilində elmi səviyyədə səslənmir. Bilmək istəyirəm ki, başqa dillərdə də bu belədir, ya yox? Bu mənim üçün maraqlıdır.
Ə. Hüseynov. Burada söhbət, həqiqətən də, ticarətdən gedir. Mən əvvəl elə bildim ki, Siz terminoloji mübahisə aparırsınız. Burada söhbət ticarətdən gedir. Çünki müasir dünyada ticarətin formasının biri elə elektron ticarətdir. Bütün dünya buna daha çox üstünlük verir. Bu barədə mübahisə yersizdir, cümlə yerindədir.
Sədrlik edən. Bunların hamısı qəbul edilmiş terminologiyalardır. Siyavuş müəllim, sözünüz var? Buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Parlamentə təqdim olunan qanun layihəsi hələ bir az gecikib. Yəni dünyanın əksər ölkələri bu sistem əsasında fəaliyyət göstərir. İndi bizim Milli Məclisin deputatları xaricdə olurlar. Bir şeyi alanda kartını verirsən, vəssalam. Orada nağd hesablaşma yoxdur. Müqavilənin bağlanması elektron sistemlə aparılır. İndi buradan ABŞ-a adam göndərək ki, gedib qiyməti, malın dəyərini yoxlasın? Dəyərini yoxlasın. Sənədləri göndərirlər, qurtarıb gedir. Yenə deyirəm, biz gecikmişik, buna çoxdan qoşulmalıyıq.
Bunun iki əsas cəhəti var. Birincisi, biz bunu qəbul etməklə vergidən yayınmanın qarşısını alırıq. Elektron sistemdə yayınma məsələsi olmur.
İkinci, “elektron” sözü beynəlxalq sözdür. Onu təhsilə də, ticarətə də yazmaq olar. Cənab Sədr, fürsətdən istifadə edib, bir məsələni də qeyd etmək istəyirəm. Səhv etmirəmsə, 2003-cü ildə biz burada “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdik. Dövlət idarələrində, müəssisələrində və s. yerlərdə danışıq dili Azərbaycan dilidir. Ona görə də biz dilimizə hörmət etməliyik və Milli Məclisdə bütün danışıqlar Azərbaycan dilində getməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 16.29 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul olundu, sağ olun.
Gündəliyin sonuncu məsələsi 2005-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları haqqındadır. Bu gün Milli Məclisin iclasında Prezidentin nümayəndəsi Niyazi Səfərov iştirak edir. Xahiş edirəm, buyurun.
N. Səfərov. Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi müdirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il dekabrın 2-də Milli Məclisin ilk iclasında çıxış etdiyi zaman Milli Məclisin qanunvericilik fəaliyyətinə olduqca yüksək qiymət vermişdir. Eyni zamanda, qeyd etmək istərdim ki, qanunvericilik fəaliyyətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti də çox vacib rol oynayır. Bu məsələni şərtləndirən əsas amillərdən biri dövlət hakimiyyətinin Azərbaycan Respublikasında hakimiyyətin bölünməsi prinsipi əsasında qurulmasıdır.
Bu prinsipin ən mühüm tərkib hissələrindən biri də ondan ibarətdir ki, qanunvericilik fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti və Milli Məclis qarşılıqlı fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti öz konstitusion hüquqlarını həyata keçirərək Milli Məclis tərəfindən qəbul edilmiş qanunları Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin birinci hissəsinə uyğun olaraq nəzərdən keçirir və 56 gün müddətində ya qanunu imzalayır, ya da qanun etiraz doğurarsa, onu etirazla birlikdə Milli Məclisə geri qaytarır.
Bununla əlaqədar, 2005-ci il sentyabrın 30-da qəbul olunmuş “Azərbaycan Respublikası Bələdiyyə İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidentinin etirazını doğurmuş və həmin qanun etirazla birlikdə baxılmaq üçün Milli Məclisə göndərilmişdir. İcazə versəniz, mən Prezidentin etiraz məktubunu sizin diqqətinizə çatdırardım: “Azərbaycan Respublikasının Milli Məclisinə.
“Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1025-IIQ nömrəli Qanunu imzalanmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilmişdir.
Həmin qanunda Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının məqsədi, vəzifələri və funksiyaları mahiyyəti etibarı ilə bələdiyyələrlə bağlı qanunvericiliklə nəzərdə tutulan digər qurumların məqsəd, vəzifə və funksiyaları ilə çox oxşardır, bir sıra hallarda isə bir-birindən heç nə ilə fərqlənmir.
Belə ki, İttifaqın Nizamnaməsinin 2.1-ci bəndi, 2.2-ci bəndinin dördüncü abzası, 2.3-cü bəndinin ikinci-beşinci abzasları və 3.1-ci bəndinin dördüncü-altıncı abzasları bu və ya digər formada Azərbaycan Respublikasının 2000-ci il 18 aprel tarixli 864-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə əlaqələndirmə şuraları haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərən respublika səviyyəli əlaqələndirmə şurasına münasibətdə bu Əsasnamənin 1-ci bəndini, 7-ci bəndinin dördüncü, altıncı, yeddinci, səkkizinci və onuncu abzaslarını təkrarlayır.
Bundan başqa, İttifaqın fəaliyyətini ayrı-ayrı regionlarda bir sıra istiqamətlər üzrə, artıq yuxarıda qeyd etdiyim kimi, regional səviyyəli yerli özünüidarəetmə üzrə əlaqələndirmə şuraları, həmçinin Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 903-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin regional assosiasiyalarının nümunəvi Əsasnaməsi”nə uyğun olaraq (məsələn, Nümunəvi Əsasnamənin II bölməsinin 1-ci bəndi, 2-ci bəndinin ikinci, üçüncü, altıncı, onuncu abzasları, III bölməsinin 1-ci bəndinin ikinci abzası və s.), bələdiyyənin regional assosiasiyaları həyata keçirirlər.
İttifaqın Nizamnaməsinin 1.4-cü, 1.5-ci, 4.1-ci və 5.1-ci bəndlərinə müvafiq olaraq, İttifaqın yaradılması təşəbbüsü ilə çıxış edən bələdiyyələr təsis yığıncağı çağırırlar. Təsis yığıncağı İttifaqın yaradılmasını elan edir. İttifaq dövlət qeydiyyatından keçdiyi vaxtdan hüquqi şəxsdir. İttifaqın Nizamnaməsini qəbul edən və üzvlük haqqı ödəyən hər bir bələdiyyə İttifaqın üzvü ola bilər. İttifaqda üzvlük könüllüdür.
İstinad edilən bu müddəalar və ümumiyyətlə, hər hansı hüquqi şəxsin, konkret halda hazırda mövcud olmayan İttifaqın Nizamnaməsinin qanunla təsdiq edilməsi konseptual baxımdan mülki hüququn mahiyyətinə uyğun deyildir və bununla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci, 44.1-ci, 45-ci və 47.1-ci maddələri ilə uzlaşmır.
Eyni zamanda, İttifaqın Nizamnaməsinin qanunla təsdiq edilməsi mahiyyət etibarı ilə İttifaqın hüquqi şəxs kimi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmasını və müvafiq məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini formal prosedura çevirir.
Qeyd edilənlərə əsasən, 2005-ci il 30 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə müvafiq olaraq imzalanmadan Azərbaycan Respublikasının Milli Məclisinə geri qaytarılır.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti”.
Cənab Prezidentin etirazlarını sizin nəzərinizə çatdırdım. Əlavə şərhlərə ehtiyac varsa, suallarınızı verə bilərsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Niyazi müəllim. Regional məsələlər daimi komissiyasında bu məsələyə baxıblar. İcazə verək, komissiyanın sədri Arif Rəhimzadə də öz fikrini bildirsin, sonra müzakirəyə keçək.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. Bu məsələ Regional məsələlər daimi komissiyasında müzakirə edilib və cənab Prezidentin iradları qəbul edilibdir. Mən Niyazi müəllimin ətraflı şəkildə qeyd etdiyi nöqsanları bir daha təkrar etmək istəmirəm. Yalnız onu əlavə edə bilərəm ki, Avropa Şurasına daxil olan ölkələrin əksəriyyətində qanunvericilik səviyyəsində belə bir qanun qəbul edilməyibdir. Belə bir qanunun qəbul edilməsi yerli təşəbbüsü müəyyən qədər məhdudlaşdırır və çətinliklər yaradır.
Digər tərəfdən, burada deyildiyi kimi, belə bir Şuranın Nizamnaməsinin qəbul edilməsi ölkədə monopoliya yarada bilər. Məlum deyil ki, bu ittifaqı kim yaradacaqdır və bu bir ittifaq olacaq, yoxsa bir neçə. Bir sözlə, komissiyanın fikri də belədir ki, hazırda belə bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Bu məsələ ilə əlaqədar respublikada bir dəfə beynəlxalq konfrans da keçirilibdir. 2006-cı ildə də belə bir konfrans keçiriləcəkdir.
Biz güman edirik ki, o konfransın nəticəsinə görə biz hansı isə konkret təkliflər verə bilərik. Mən elə başa düşürəm ki, o təkliflər ittifaqların Nizamnaməsinin təsdiqinə həsr olunmamalıdır, ittifaqın yaradılması qaydalarını, ittifaqın dövlət orqanlarına münasibətini, ittifaqın statusunu açan olmalıdır. İttifaqın Nizamnaməsi məsələsi isə ittifaq yaradılandan sonra onun ilk məclisində, ya da növbəti məclislərinin birində həll olunmalıdır. Komissiyanın rəyi belə olub ki, cənab Prezidentin iradları doğrudur və hazırda bu məfhumda qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Bu məsələni biz Milli Məclisin müzakirəsinə təqdim etmişik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Müzakirələrə başlaya bilərik. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Artıq burada məlumat verildi. Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsi 2005-ci il 30 sentyabr tarixində Milli Məclisdə müzakirə olunub. Əlbəttə, Azərbaycanda nümunəvi əsasnamələrin qanunla təsdiqlənməsi təcrübəsi mövcuddur. Misal üçün, Bələdiyyələrin Regional Assosiasiyalarının Nümunəvi Əsasnaməsi 2005-ci il 3 may tarixli qanunla təsdiqlənmişdi. Amma Bələdiyyələr İttifaqlarının Nizamnaməsinin mərkəzləşdirilmiş qaydada təsdiq edilməsi ideyası Prezidentin etirazında qeyd olunduğu kimi, konseptual baxımdan bütövlükdə mülki hüququn mahiyyətinə ziddir. Qeyd etməliyəm ki, ictimai birliklər üçün mütləq vahid qaydaların yaranması açıq cəmiyyət prinsiplərinə də ziddir. Təsadüfi deyil ki, bu məsələ ilə bağlı Avropa Şurasının ekspertlərinin fikri də cənab Prezidentin etirazında öz əksini tapmışdır. Bu baxımdan, cənab Sədr, mən Prezidentin etirazını da əsaslı sayıram.
Yeri gəlmişkən, bir məsələni qeyd etmək istəyirəm, bu da artıq Sizin tərəfinizdən səslənmiş bir fikirdir. Parlament qanunların qəbulunda statistik göstəriciləri yox, keyfiyyət göstəricilərini rəhbər tutmalıdır. Hesab edirəm ki, Prezidentin qısa bir zaman ərzində artıq ikinci dəfə veto ilə müraciət etməsi işimizin keyfiyyət baxımından daha yüksək səviyyədə qurulmasına bir istinaddır. Hesab edirəm ki, bu, əsaslıdır və qəbul edilməlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən cənab Prezidentin vetosunu tamamilə haqlı hesab edirəm və düşünürəm ki, Milli Məclis bunu qəbul etməlidir. Lakin bununla bərabər, bir sıra məqamlar üzərində dayanmağı vacib hesab edirəm. Mən II çağırış Milli Məclisdə deputat olanların xatirinə salmaq istəyirəm ki, Regional məsələlər daimi komissiyası faktiki olaraq bələdiyyələr üzərində inhisarçı bir mövqe tutmaqda idi və bu, bütün məqamlarda özünü göstərirdi. Bu cür nizamnamənin Milli Məclisə çıxarılması və qəbul edilməsi də həmin arzu və istəyin bir forması idi. Bu Nizamnamə qəbul edilərdisə, faktiki olaraq Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Bələdiyyələrə Yardım Mərkəzinin alternativi ola bilərdi. Elə məqsəd də bundan ibarət idi ki, buna alternativ bir ittifaq yaradılsın, o, mahiyyət etibarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər daimi komissiyasının nəzarəti altında olsun və beləliklə, bələdiyyələr üzərində ikihakimiyyətlilik formalaşsın.
Bu, bələdiyyələrə hansı gələcək vəd edirdi? Təbii ki, bunun üzərində düşünməyə dəyər. Yəni bu mənə bəlli idi. Bəlli olduğu üçün də mən bu gün millət vəkillərinin nəzərinə bu məsələni çatdırmağı vacib hesab etdim. Əgər ölkə Prezidenti təqdim etmiş olduğu sənəddə faktiki olaraq əsaslandırır və sübut edirsə ki, təqdim edilmiş Nizamnamə Azərbaycan Respublikasının yerli özünüidarəetmə üzrə Əlaqələndirmə şuraları haqında Əsasnamə və Bələdiyyələrin regional assosiasiyasının Nümunəvi Əsasnaməsi ilə üst-üstə düşürsə, deməli, bunun yaradılmasına, təbii ki, ehtiyac yoxdur. Bu baxımdan, mən ölkə Prezidentinin bu addımını müsbət qiymətləndirirəm və hörmətli həmkarlarımı buna müsbət münasibət bildirməyə dəvət edirəm.
Bununla bərabər, hörmətli cənab Sədr, bir məsələnin də üzərində dayanmaq istərdim. Mən deməzdim ki, bütün komissiyalar, amma bəzi komissiyalar bir sıra hallarda qanunları özlərinin maraqları çərçivəsində hazırlayıb, Milli Məclisin müzakirəsinə təqdim ediblər. Biz II çağırışda bunun da ətrafında kifayət qədər mübahisələr etmiş, kifayət qədər qanunları geriyə qaytarmışıq. Əsaslandırmışıq ki, bu cür qanunların qəbul edilməsi qətiyyən yolverilməzdir. Məhz istəməzdim ki, həmin xoşagəlməz ənənələr III çağırış Milli Məclisdə bir daha təkrar olunsun. Mən, hörmətli cənab Sədr, xüsusi olaraq Sizə müraciət edirəm və xahiş edirəm ki, Siz belə halların qarşısını qətiyyətlə alasınız və ayrı-ayrı qanunların ayrı-ayrı şəxslərin, ayrı-ayrı maraqların çərçivəsində qəbul olunmasına imkan verməyəsiniz. Bu, son dərəcə vacibdir, əhəmiyyətlidir.
İkinci vacib məqam ondan ibarətdir ki, ölkə Prezidentinin bizə göndərmiş olduğu sənəd məsuliyyətimizi xeyli dərəcədə artırmalıdır. Burada qəbul edilmiş qanun layihələri cənab Prezidentin imzasına təqdim olunanda bitkin, ölçülüb-biçilmiş olmalıdır ki, geri qaytarılmasın. Çünki geri qaytarılan qanun layihələri Milli Məclisin nüfuzuna çox böyük zərbədir və təbii ki, bu da arzu edilən deyil. Ona görə də mən bütün millət vəkillərinə üzümü tuturam. Biz bütün seçicilərimiz qarşısında böyük bir sınaqdan çıxmışıq və onlara vəd vermişik ki, Azərbaycan dövlətçiliyi qarşısında xidmətlər göstərəcəyik, Azərbaycan xalqının maraqlarına xidmət edən qanunlar qəbul edəcəyik. Mən çox arzulayardım ki, bu prinsip təkcə sözdə deyil, eyni zamanda, əməldə özünü göstərsin. Eyni zamanda, bütün millət vəkillərindən xahiş edərdim ki, qanunvericilik məsələlərində, bu və ya digər məsələlərin müzakirəsində prinsipial mövqe nümayiş etdirsinlər, fəal olsunlar. Çünki Azərbaycan qanunlarının taleyi, həqiqətən, bizdən asılıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın qeyd etdiyi məsələlərlə razıyam. Veto ilə Milli Məclisə qanun layihəsi göndərilibdir. Bununla yanaşı, bu, hüquqi prosedur qaydadır. Amma əsas məqsəd nədən ibarətdir? Hər bir qanun gələndə də, gedəndə də onun üzərində diqqətlə işlənməlidir. Həftədə bir dəfə qanunlara dəyişiklik və əlavələr edirik. Göndərilən sənədlə əlaqədar qeyd etmək istəyirəm ki, bu gün Bələdiyyələr İttifaqı lazımdır, vacibdir, olmalıdır. Çünki bələdiyyələrin vahid orqanı yoxdur. Hər kəndin, hər rayonun, hər şəhərin bələdiyyəsi müstəqildir. Ümumi qərarların qəbul olunması və həyata keçirilməsi üçün belə bir vasitə zəruridir, ancaq bunun qanunvericiliklə tənzim olunması cənab Prezident tərəfindən göndərilən sənəddə göstərildiyi kimi, daban-dabana qanuna ziddir. Ona görə ki, biz müstəqil qurumun hər hansı başqa bir qanunla tənzim oluna biləcək fəaliyyətini Milli Məclisin qərarı ilə tənzimləyirik.
Deputat həmkarlarımız da, bəzən müvafiq komissiya sədrləri də xahiş edirlər ki, hər hansı bir qanunu qəbul edək. Biz də düyməni basıb, qanunu qəbul edirik. Amma mahiyyətini dərk edəndə görürsən ki, bunlar tamamilə digər qanunlarla daban-dabana ziddir. Mən hesab edirəm ki, Bələdiyyələr İttifaqı lazımdır. Burada Avropa Şurasında bizi təmsil edən deputatlarımız əyləşiblər. Tutalım ki, orada bələdiyyə qurumları ilə əlaqədar bir məclis var və Azərbaycan bələdiyyələri də ora daxildirlər. Əgər belə bir ittifaq yoxdursa, kim bizi orada təmsil edəcək? Kim müəyyənləşdirəcək ki, hansı bələdiyyə Avropa Şurasında Azərbaycan bələdiyyələrini təmsil edəcək?
Bunu müəyyənləşdirmək üçün, təbii ki, ittifaq lazımdır. Amma bunun formalaşması tamamilə başqa mexanizm əsasında olmalıdır və biz düzgün olmayan mexanizmi təsdiq etdiyimizə görə bu gün ona yenidən baxırıq.
İkinci, hörmətli Fəzail müəllim burada məsələ qaldırdı. Ədliyyə Nazirliyinin tərkibində olan bələdiyyə qurumları ilə iş və sair barədə dedi. O ancaq yardım xarakteri daşıya bilər, göstəriş verə bilməz. Bəzən görürsən ki, səlahiyyətlərini artırırlar, hətta bələdiyyələrə göstəriş də verirlər. Onlar da yoxlama aparırlar və digər fəaliyyət istiqaməti ilə məşğul olurlar. Bələdiyyələrin fəaliyyəti qanunla tənzimlənir. Əgər belə bir idarə lazım idisə, onda bu, Prezidentin İcra Aparatının nəzdində yaradıla bilərdi və onların idarə olunması ilə məşğul olardı. Bu ancaq qanunvericilik yardımı və bələdiyyələrin qəbul etdiyi qərarların qanunauyğunluğunu müəyyən etməkdən ötrüdür.
Mən hesab edirəm ki, burada dəyişiklik olmalıdır və bələdiyyələrin nümunəvi nizamnaməsinə bir daha baxılmalıdır. Azərbaycanın beynəlxalq aləmdə təmsil olunması və beynəlxalq təşkilatlardan bələdiyyələrə qrantların alınması üçün bu vacibdir. Məsələn, bu gün Ermənistan və Gürcüstan ayrı-ayrı qurumlardan bələdiyyələrin inkişafı üçün külli miqdarda qrantlar alırlar. Lakin biz bunu ala bilmirik, bizdə vahid qurum yoxdur. Çünki hər kəndin, hər rayonun, hər şəhərin bələdiyyələri deyirlər ki, bu qrantı bizə verin. Bu qrantın müəyyən olunması, alınması və xərclənməsi üçün mütləq müəyyən bir qurum lazımdır. Mən bu qanun layihəsinə səs verəcəyəm, deputat həmkarlarıma da təklif edirəm ki, buna səs verək. Amma gələcəkdə bu məsələyə dəqiq şəkildə baxılmalıdır və Azərbaycanın təmsilçiliyi öz yerini tapmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Bizim həmkarlarımız burada çox dəyərli və vacib fikirlər söylədilər. Mən də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının adından demək istəyirəm ki, Prezidentin vetosunu beynəlxalq təşkilatlar, o cümlədən ilk öncə Avropa Şurası birbaşa dəstəkləyəcək. Bunun çox dərin və əhəmiyyətli əsasları var. Siz bilirsiniz ki, Avropa Şurası bir neçə qurumdan ibarətdir: Nazirlər Komitəsi, Parlament Assambleyası və Regional Konqres. Regional Konqresin nümayəndələri birbaşa bizə dedilər ki, sizdə bu qanun layihəsi ilə bağlı problemlər mövcuddur. Həmkarlarımız çox düzgün dedilər, ittifaqlar da lazımdır, assosiasiyalar da. Bu istiqamətdə işlərin aparılması zəruridir. Ancaq bu qanunun bu şəkildə, bu formada qəbul olunması Azərbaycanın maraqlarına zidd izah və təhlil oluna bilər. Ona görə bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm.
Oqtay müəllim, bu qanun qəbul olunan zaman Regional məsələlər daimi komissiyasına öz fikirlərimizi bildirmişdik və demişdik ki, Avropa Şurasının ekspertləri mənfi rəylə çıxış ediblər. Ancaq o mənfi rəy bizə Avropa Şurasından gəlmişdi, komissiyadan gəlməmişdi. Qanun layihələri müzakirə ediləndə parlamentə komissiyalar tərəfindən beynəlxalq rəy daxil olursa, beynəlxalq münasibətlər daimi komissiyası da o rəylə həm tanış edilməli, həm də birgə müzakirə aparılmalıdır. Ona görə də hesab edirəm, gələcəkdə Avropa Şurasından, yaxud başqa beynəlxalq təşkilatlardan gələn rəylərə diqqətlə yanaşmalıyıq, Azərbaycanın maraqlarını fikirləşməliyik. Ümumiyyətlə, bu qanun layihəsinin gündəlikdən çıxarılması məqsədəmüvafiqdir. Ona görə ki, bu, standartlara uyğun deyil. Gələcəkdə bu problemin üzərində işi yenidən təşkil etmək üçün bunun regional məsələlər daimi komissiyasına tapşırılmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bu barədə bir neçə kəlmə demək istərdim. Biz komissiya sədrləri ilə yığışdıq, bəzi məsələləri bir daha müzakirə etdik. Bildiyiniz kimi, Milli Məclisin əsas fəaliyyəti qanunvericilikdir və biz bu fəaliyyətimizdə tələskənliyə yol verməli deyilik. İkinci çağırış Milli Məclisin dövründə həftədə iki dəfə iclasımız olurdu. Biz də özümüzü ora-bura vururduq ki, haradan qanun tapaq və qanunvericiliklə məşğul olaq. Mən hesab edirəm ki, bu, düzgün deyil. Qanunvericilikdə birinci kəmiyyət yox, keyfiyyət olmalıdır. Məhz bu səbəbdən bizim bəzi qanunlarımız cənab Prezidentin etirazına səbəb olmuş, geri qaytarılmışdır. Biz bu gündən sonra hamılıqla diqqətli olmalı, qanunvericilik fəaliyyəti ilə ciddi məşğul olmalıyıq.
Çox vaxt komissiyada müzakirə olunan məsələlər Milli Məclisin müzakirəsinə çıxarılan zaman həmin komissiya üzvləri tərəfindən ona yenidən etirazlar olunur. Qanun layihələri komissiyada hərtərəfli işlənilməli, sonra mükəmməl şəkildə Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Ancaq indi komissiyalarda işləyirlər, komissiya sədri çıxış edir, o biri deputatlar isə müzakirədə iştirak etmirlər.
Komissiya üzvləri suallar verməyə başlayırlar, yenidən müzakirə açırlar. Ona görə komissiya sədrlərindən xahiş edirəm ki, bütün məsələlər komissiyalarda hərtərəfli araşdırılsın, sonra Milli Məclisin müzakirəsinə çıxarılsın. Mən sizə söz verirəm ki, biz bu istiqamətdə işləyəcəyik. Başqa təklif yoxdur ki? Onda xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri  (saat 16.56 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf 1
Səs verməd 0
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Hörmətli deputatlar, bilirik ki, komissiyalar təzə formalaşıb. Komissiyalar artıq qanunvericilik fəaliyyəti ilə məşğuldurlar, işləyirlər. Mən sizin hamınızı komissiyanın işində fəal iştirak etməyə çağırıram və gələcəkdə müzakirəyə çıxardığımız qanunların daha keyfiyyətli, daha faydalı olmasını arzulayıram. Çox sağ olun. Gələn iclasın vaxtı haqqında sizə məlumat veriləcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU