15.12.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 34
Mill Məclisin iclas salonu.
15 dekabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 95 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
İ. Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
T. Babayeva, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.
X. Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
* * *
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
A. Musayev, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin idarə rəisi.
Z. Fətizadə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin idarə rəisi.
* * *
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvlüyünə namizədlər
Akif Qurbanov
Almas Qəhrəmanlı
Oqtay Hümbətli
* * *
N. Səmədzadə, “Azəriqaz” Səhmdar Cəmiyyəti sədrinin müavini.
M. Əsgərov, “Azərenerji” Səhmdar Cəmiyyətinin vitse-prezidenti.
R. Hacəliyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin Hüquq şöbəsinin rəisi.
R. Şirəliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin Hüquq şöbəsinin müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında (müzakirənin davamı).
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə.
5. Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında dəyişikliklər edilməsi barədə.
6. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
9. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə.
13. Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
* * *
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə başlanılmışdır.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
15 dekabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 84
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Kim səsvermədə iştirak etmədi? Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 85
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Hörmətli millət vəkilləri, keçən iclasda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsi ilə bağlı suallarımız yarımçıq qalmışdı. Birinci məsələdən başlayacağıq. Yazılan yoldaşlar, yəqin ki, gündəliyin müzakirəsinə yazılıblar. Müzakirələrə başlayaq. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, cənab Sədr. Gündəliyi müzakirə edirik, yoxsa keçən müzakirənin davamını aparırıq?
Sədrlik edən. Yox, yeni gündəlikdir.
M.Quliyev. Onda müzakirəyə yazılmamışam.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən bu gün bizim gündəliyimizə salınmış məsələ ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Təklif edirəm ki, bir məsələnin müzakirəsini gündəlikdən çıxaraq. Məqsəd ondan ibarətdir ki, bu gün müzakirəyə çıxarılan məsələ Seçki Məcəlləsinin 24-cü maddəsinin tələblərinin pozulması deməkdir. Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyasının 6 üzvü azlıqda qalan siyasi partiyalar tərəfindən müəyyənləşdirilir.
Xatırlayırsınızsa, təkrar seçkilər ərəfəsində azlıqda qalan 6 partiyaya təklif olundu ki, 2 nəfərin namizədliyini irəli sürsünlər. O zaman şəxsən bizə bildirildi ki, guya digər partiyalar hələlik öz namizədlərini irəli sürmürlər. Mərkəzi Seçki Komissiyasında yetərsayın olması üçün azlıqda qalan partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına azı iki nəfər namizəd verilməlidir. Biz verdik. İndi 3 partiyaya Milli Məclisin rəhbərliyi tərəfindən tövsiyə olunub ki, öz namizədlərini versinlər və 3 partiyanın hərəsi bir namizəd irəli sürür. Amma Vətəndaş Həmrəyliyi Partiyasından başqa, digər partiyalar da bizim kimi, Milli Məclisdə bir nəfərlə təmsil olunur. Ona görə də hesab edirəm ki, azlıqda qalan partiyaların həll etməli olduğu məsələni Milli Məclisin rəhbərliyi öz üzərinə götürüb və belə bir bölgü aparıb. Bu bölgü ədalətsizdir.
Azlıqda qalan siyasi partiyalar özləri bir araya gəlməlidirlər. Doğrudan da, onlar 6 nəfərin namizədliyini müəyyənləşdirə bilmədiyi halda Milli Məclisin rəhbərliyi bu və ya digər formada həmin 6 nəfərin müəyyənləşdirilməsində onlara öz tövsiyələri ilə, təklifləri ilə yardımçı ola bilər. Bu, bizim Seçki Məcəlləmizə tam ziddir. Ona görə də hörmətli millət vəkillərinə də müraciət edirəm ki, bu məsələni Milli Məclisin müzakirəsindən çıxarsınlar.
Milli Məclisin rəhbərliyinə yazılı surətdə müraciət eləmişdim ki, bizim partiyanın da namizədi müzakirəyə çıxarılsın. Amma çıxarılmayıb. Bu bir yana. Bir həftədən artıq vaxt keçməsinə və Milli Məclisin çox böyük Aparatının olmasına baxmayaraq, mənə nə yazılı formada, nə də şifahi formada bu məsələ ilə bağlı cavab verilib. Halbuk Milli Məclisin Aparatı millət vəkillərinin işinin qurulmasına kömək eləməlidir. Təkcə özümə qarşı yox, ümumiyyətlə, millət vəkilinə bu münasibəti qəbul etmirəm. Bunu pisləyirəm və millət vəkillərindən də xahiş edirəm ki, azlıqda qalan bütün siyasi partiyaların nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasında iştirakına şərait yaratsınlar. Sağ olun.
Sədrlik edən. Hörmətli Qüdrət müəllim, birincisi, bu, Sizin subyektiv fikriniz ola bilər. Bunların hamısı Sizinlə birlikdə həll olunub. Sizin özünüzün şəxsən məktubunuz var. Qeyd etdiyiniz kimi, 10 dairədə seçki keçirilməmişdir. İlin axırına kimi prosedur qaydası ilə Mərkəzi Seçki Komissiyası formalaşmalı idi. Ona görə də Sizin razılığınızla azlıqda qalan 3 partiyanın hərəsi bir namizəd verdi və bu qəbul olundu. 10 dairədə seçki keçirildikdən sonra 3 partiyanın namizədi qaldı. Bunlar azlıq təşkil eləyən partiyalardır. Onlar da öz nümayəndələrini veriblər. Hətta mən deyərdim ki, Müsavat Partiyası öz namizədini verməkdən imtina eləyib. 3 partiya namizədini verib. Biz də qanuna uyğun olaraq, onların məktubunu qəbul eləmişik. Sizin də məktubunuz var. Artıq Mərkəzi Seçki Komissiyası formalaşıb. Xahiş edirəm, öz subyektiv fikrinizi bütün deputatlara aşılamayın. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əhaliyə ünvanlı sosial yardımın verilməsində hüquqi rol oynayan qanunvericilik aktlarındakı bir sıra boşluqlar yardıma, doğrudan da, ehtiyacı olan insanların bu yardımı almasını mümkünsüz edir. Mən üç-dörd misal çəkməklə dediklərimi əsaslandırmağa çalışacağam.
Ailənin bir üzvünün Rusiyada olması barədə arayışın verilməsi kifayətdir ki, həmin ailəyə ünvanlı sosial yardım verməkdən imtina edilsin. Problem ondadır ki, Rusiyada yaşayan və evinə pul göndərən insanlar pul göndərə bilməyən insanlarla eyni kateqoriyaya aid edilir. Rusiyaya gedənlərin xeyli hissəsinin aylarla evlərə pul göndərə bilməməsini sübut etməyə ehtiyac yoxdur. Təkcə Pyatiqorsk şəhərində yaşayan, bazarda yük daşıyan və uzun müddət ailəsi ilə əlaqə saxlaya bilməyən yüzlərlə azərbaycanlını xatırlamaq kifayət edərdi.
Qabartmaq istədiyim digər məsələ valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. Öhdəsində azyaşlı uşaqlar olan qadınların daha çox dövlət yardımına ehtiyacı var. Ancaq qanundakı boşluqlar həmin ailələrin dövlət yardımı almasına imkan vermir. Yaxud başqa bir şərt. Uşaq orta məktəbi qurtaran kimi mütləq işləməlidir. Bu gün rayonlardakı işsizlik problemini nəzərə almaq lazımdır. Müavinətsiz yaşaya bilməyən ailədəki bir gəncin əsgərlikdən qabaq işləməsinin mütləq şərt kimi irəli sürməsi heç bir məntiqə sığmır.
Toxunmaq istədiyim digər məsələ kənd yerlərində ailələrin gəlirlərinin hesablanması ilə bağlıdır. Burada torpağın qiyməti elə müəyyənləşib ki, onu əksə də, əkməsə də, bütün hallarda kəndli sosial yardım almaqdan məhrum olur. Günəmuzd işləyənlər və fərdi əməklə məşğul olanlar üçün tətbiq olunan statistika da maraq doğurur. Əhalinin həmin təbəqəsinin gəlirləri reallığa uyğun hesablanmadığı üçün həmin ailələrə sosial yardım təyin edilmir.
Ən dəhşətlisi odur ki, ali təhsilli vətəndaşa bağban və ya süpürgəçi işləmək təklif edilir. Təbii ki, həmin şəxs təklif olunan işdən imtina edəndə onun ailəsinə ünvanlı sosial yardım verilmir. Bunun nəticəsidir ki, mənim seçildiyim İmişli rayonunda sentyabr ayının 1-nə qədər yalnız 114 nəfərə ünvanlı sosial yardım təyin edilmişdir.
Çıxışımı yekunlaşdıraraq, dövlətin yardımına, həqiqətən, ehtiyacı olan ailələrə sosial yardımın təyin olunmasında qarşıya çıxan maneələri aradan qaldırmaq üçün həmin yardımın verilməsində hüquqi baza rolunu oynayan qanunvericilik aktlarında dəyişiklik edilməsi məqsədi ilə bu məsələnin gündəliyə salınmasını və müzakirə edilməsini zəruri hesab edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Mən keçən istirahət günü qondarma “Dağlıq Qarabağ Respublikası”nda Konstitusiyanın qəbul olunması ilə bağlı “referendum”a münasibət bildirilməsini təklif edirəm. Bu məsələyə Azərbaycanın bir sıra hakimiyyət orqanları, ictimai təşkilatları, beynəlxalq təşkilatlar öz münasibətini bildiriblər. Amma zəruridir ki, Azərbaycan Respublikasının qanunvericilik orqanı da bu məsələdə rəsmi mövqeyini ortaya qoysun.
İkinci məsələ də Dağlıq Qarabağla bağlıdır. Mən keçən iclasda bu məsələni qaldırdım. Orada biz əsasən Ermənistan mənbələrinə istinad eləmişdik. Amma çox təəssüf ki, bu məsələ indi Azərbaycanın rəsmi vəzifəli şəxslərinə, konkret olaraq xarici işlər nazirinin söylədiyi fikirlərə münasibəti ortalığa qoyur. Belə ki, xarici işlər naziri cənab Məmmədyarovun bir sıra müsahibələrində Dağlıq Qarabağda erməni və Azərbaycan icmalarının iştirakı ilə referendum keçirilməsi barədə məsələni konseptual baxımdan Azərbaycan tərəfinin qəbul etməsi kimi fikirlər açıqlanıb, bəyanatlar verilib və verilməkdə davam edir.
Xatırladıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədləri yalnız bütün Azərbaycan əhalisinin, bütün Azərbaycan vətəndaşlarının iştirak elədiyi referendum vasitəsilə dəyişdirilə bilər. Bu çox ciddi bir məsələdir. İctimaiyyət, əhali və biz də çox narahatıq. Rəsmi açıqlama verilməsini xahiş edirik.
Üçüncü toxunmaq istədiyim məsələ ANS-lə bağlıdır. Biz təşəkkür edirik ki, ictimaiyyətin, o cümlədən Milli Məclis deputatlarının və şəxsən Sizin iştirakınızla bu məsələ müsbət həll olundu. Bunun məntiqi yekunu ondan ibarət olardı ki, ümumiyyətlə, tender məsələsinə də aydınlıq gətirilsin. Əlbəttə, qanun var. Hər bir şəxs həmin tenderdə iştirak eləyə bilər. Biz qanunvericiliyin əleyhinə deyilik. Amma mən öz adımdan və bir sıra yoldaşların adından müəyyən təşkilatları, vətəndaşları tenderdə iştirak etməməyə çağırırıq. Bu, ANS-in tezliyidir və ANS-in tezliyi olaraq qalmalıdır.
Mərkəzi Seçki Komissiyası ilə bağlı məsələyə mən də münasibətimi bildirim. Rəsmən Milli Məclisdə azlıqda olan partiya kimi qeyd olunmasına baxmayaraq, Azərbaycan Xalq Partiyasının nə üçün bu məsələdə kənarda qalmasına aydınlıq gətirilməsini xahiş edirəm.
Sonda bir məsələni də demək istəyirəm. Bu gün Azərbaycanın istedadlı şairi Ramiz Rövşənin 60 illiyidir. Yoldaşlarım adından və Ramizsevərlər adından ona təbrikimi çatdırmağı özümə borc bilirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”a bütün dünya ictimaiyyəti münasibətini bildirib. Biz ona heç diqqət yetirməli deyilik, çünki bizim üçün onun önəmi də yoxdur. Müraciət eləməklə və ya fikir verməklə biz ona önəm veririk. Bu, qanunsuz bir şeydir. Bütün dünya ictimaiyyəti bunu belə qəbul edib. Müraciət qəbul eləməyin və ya fikir bildirməyin mənası yoxdur.
Siz Xalq Partiyası kimi, müraciət eləməmisiniz. Mən nəzərinizə çatdırım ki, orada azlıq təşkil eləyən partiyadan 4 üzv olmalıdır. Həmin 4 üzvdən 1-ni seçirik. Bir yer var. Bir nəfər də azlıqda qalan partiya ilə razılaşdırılmış bitərəf olmalıdır. Məsələ hələ həll olmayıb. İndi birinci kim müraciət eləyibsə, həmin məsələyə baxırıq. Hələ gec deyil, narahat olmayın. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də birinci növbədə Qarabağ məsələsi ilə bağlı bir məqama diqqət yetirmək istəyirəm. Milli Məclisdə bu müzakirələr aparılmır. Xarici işlər naziri səviyyəsində, yaxud bu işlə məşğul olan, Prezident tərəfindən təyin olunan şəxslər tərəfindən, heç olmasa, millət vəkilləri üçün brifinq və ya görüş keçirilsin. Hansı şərtlərin razılaşdırıldığı, hansı şərtlərin razılaşdırılmadığı barədə məlumat verilsin. Biz televiziyaya çıxırıq, mətbuata çıxırıq. Şəxsən bir millət vəkili kimi, mənim hansısa dövlət məmurundan az məlumatım var. Ancaq mətbuatdan öyrənməklə bu məsələ haqqında geniş bilgi əldə eləmək olmaz. İnformasiyanın yayılmaması üçün belə bir addım atmaq məqsədəuyğun olar.
İkincisi, bir iradımı bildirmək istəyirəm. 8-9 ay öncə “Siyasi partiyalar haqqında” Qanunda əlavə və dəyişikliklər edilməsi barədə mən qanun layihəsi təqdim eləmişəm. Bizdə bu ənənəni dəyişmək lazımdır. Millət vəkili müraciət eləyibsə, bu məsələnin müzakirəyə çıxarılıb-çıxarılmayacağı barədə ona məlumat verilsin. Bizə heç bir məlumat daxil olmayıb. Açığı, hesab edirəm ki, bu məsələnin yubadılması nə dövlətin, nə də siyasi partiyaların marağına uyğundur. Bu məsələyə baxılması vacibdir. Təbii ki, yaz sessiyasında gündəmə gələ bilər.
Mən də MSK ilə bağlı məsələyə keçən dəfə toxunmuşdum. Azərbaycanda azlıq təşkil eləyən partiyalara, müxalifətə münasibət bir az fərqli olmalıdır. Biz müxalifət partiyalarıyıq. Təbii ki, biz sistemdən kənarda qalıb, nəyisə inkar edib, nəyisə qəbul etməyib, illüziyalara qapılıb, mübarizə aparmağı qəbul eləmirik. Amma bu sistemdə bir yerdə dövlət quruculuğunda hamımız iştirak eləmək istəyirik. Hesab edirəm ki, digər partiyaların da buna haqqı var. Onların haqqını mən inkar eləmirəm. Amma tarazlığı gözləmək olduqca vacibdir.
Sabah xarici təşkilatlar gələndə müəyyən olur ki, hakimiyyət, dövlət orqanları, Milli Məclis hansı partiyalara daha çox hörmət edir, hansı partiyalara hörmətsiz yanaşır. MSK məsələsi də bunun bir göstəricisidir. Hətta bu məsələnin müzakirəsi hamını razı salan variantda həll oluna bilərdi. Çox təəssüf ki, bu addım atılmadı. Ona görə mən də bu məsələnin əleyhinə səs verəcəyəm və onun gündəlikdən çıxarılmasını millət vəkillərindən xahiş edirəm.
Sədrlik edən. Mən Sizin sualınıza cavab verirəm. Hər dəfə Siz bu məsələni qaldırırsınız. Bilirsiniz ki, dəfələrlə cənab Prezident çıxış eləyib, məlumat verib. Biz hələ bu danışıqlardan ümidlərimizi üzməmişik. Danışıqlar gedir. Danışıqlar qapalı çərçivədə gedir. Hər dəfə bunu qaldırmaqla nə demək istəyirsiniz? Aydınlıq verirəm, qapalı çərçivədə gedən danışıqları açıqlamaq düzgün deyil. Yəni bu, danışıqların gedişinə mane ola bilər. Əgər biz ümidimizi üzmüş olsaydıq, hamısını açıqlayıb danışardıq. Bu danışıqlar gedir. Hər dəfə televizorda, qəzetdə, mətbuatda məlumat verilir. Bunu hər dəfə qaldırmaq o qədər də düzgün deyil.
O ki qaldı Seçki Komissiyasına, mən Qüdrət müəllimə dediyimi Sizə də deyə bilərəm. Sizin müraciətiniz olub. Bu söhbətləri yenidən müzakirə etməyi mən düzgün saymıram. Sizin də məktubunuz məndə var. Gələrsiniz, iclasdan sonra söhbət edərik. Cəmil Həsənli.
C. Həsənli. Cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Gündəliyimizdə vacib məsələ var və ümidvaram ki, biz bu məsələləri müzakirə eləyib, müvafiq qərarlar qəbul edəcəyik. Burada deputat həmkarlarım tərəfindən qaldırılan məsələlərin bir hissəsinə mən də şərikəm.
Oqtay müəllim, əgər Qarabağla bağlı danışıqlar gedirsə və bu qapalı aparılırsa, bu, hamı üçün qapalı olmalıdır. Necə olur ki, xarici ölkələrin parlament üzvləri bu məsələ ilə bağlı bizdən çox bilirlər? Əgər bu qapalıdırsa, bunun qapalılığı xarici parlamentarilər üçün də, xarici mətbuat üçün də təmin edilməlidir.
Biz millət vəkiliyik. Görüşlərdə, danışıqlarda pis vəziyyətdə qalırıq. Bizi düzgün başa düşün. Bir də ki Azərbaycan parlamenti Azərbaycan hakimiyyətinin bir hissəsidir. Parlamentin qapalı iclas keçirmək hüququ var və informasiyanın yayılmaması üçün parlament yetərincə səviyyəli bir dövlət orqanıdır. Bu danışıqların gedişi ilə, son bir neçə ildə Qarabağ ətrafında hansı proseslərin getməsi ilə bağlı Milli Məclisdə qapalı şəkildə müzakirənin aparılması və millət vəkillərinin məlumatlandırılması işin ziyanına deyil.
Mənim toxunacağım ikinci məsələ sosial-iqtisadi vəziyyətlə bağlıdır. Bir qayda olaraq, qış aylarında bahalaşma böyük sürətlə davam edir. Eyni zamanda, bu, enerji istifadəçilərinin enerjidən çox istifadə etməsi nəticəsində baş verə bilər. Sayğacların quraşdırılması başa çatdırılmayıb. Başa çatdırılmadığı üçün, bir qayda olaraq, vətəndaşların istehlak etdiyi enerjiyə, necə deyərlər, gözəyarı qiymət qoyurlar. Bu qədər pul ödənilməlidir.
Bir sıra rayonlarda qaz və elektrik verilməsi tamamilə dayandırılıb. Məsələn, mən Cəlilabad rayonunu götürmək istəyirəm. Axı, burada qaz və elektrik pulunu verməyənlərlə yanaşı, verənlər də var. Uşaq bağçaları, məktəblər, dövlət idarələri, müəssisələr, əlillər evi, xəstəxanalar var. Hesab edirəm ki, icra orqanları tərəfindən böyük bir rayonu bütövlükdə qazdan məhrum etmək, soyuğun ümidinə buraxmaq yolverilməzdir.
ANS-lə bağlı burada deputat həmkarlarım dedilər. Mən hesab edirəm ki, Azərbaycan Prezidenti “Azadlıq” qəzetinin və “Turan” agentliyinin də pozulmuş hüquqlarının bərpa olunması istiqamətində iradə nümayiş etdirməlidir. Məhkəmə orqanları müstəqil olmadığı üçün Prezident bu məsələyə müdaxilə etməlidir.
Sədrlik edən. Hörmətli Cəmil müəllim, mən Sizin birinci sözünüzlə razı deyiləm ki, xarici ölkələrdəki deputatların, qurumların bu məsələ ilə bağlı məlumatları Sizdən çoxdur. Elə bir informasiya varsa, deyin, biz də bilək. Birincisi, müasir dövrdə kompüter, internet var. Tam xırdalamaq istəmirəm. Amma Siz dediniz ki, xarici ölkələrdə bizdən çox bilirlər. Mən belə şey bilmirəm. İnanmıram ki, onların bu haqda bizdən çox informasiyası olsun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən partiya sədri kimi, Seçki Məcəlləsi barədə fikir söyməyə ehtiyac duymuram, çünki ildən-ilə bu istiqamətdə təkmilləşdirmə işləri gedir. Demokratik prinsiplərə uyğun olaraq, partiyaların əksəriyyətini bölgülər qane edir.
Lakin məni düşündürən məsələ bizim mənəvi dəyərlərimizlə bağlıdır. Yəni ölkədən kənarda, xüsusi ilə Gürcüstanda Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun, həmçinin Cəlil Məmmədquluzadənin, digər mütəfəkkirlərimizin ev muzeyləri, abidələri var. Xüsusi ilə hər iki şəxsiyyətin ev muzeylərinin tavanlarının, döşəmələrinin bərbad olması barədə kütləvi informasiya vasitələrində yazılar gedir. Orada gözətçidən başqa heç kim olmur. Bu barədə ümummilli liderimizin xüsusi fərmanı olmuşdur. Həmin sənədə əsasən, orada əsaslı təmir işləri aparılmışdır. Mənim yadımdadır ki, Şəmkir rayonunun icra başçısı Aslan Aslanov bu məsələyə diqqət göstərirdi. Amma bu gün həmin muzeylərin qayğıya böyük ehtiyacı var.
Mən bilirəm ki, hər bir işə ölkə rəhbəri diqqət göstərir. Amma hər bir problemi ölkə Prezidenti səviyyəsinə qaldırmağa ehtiyac yoxdur. Ümidvaram ki, bu məsələ Sizin diqqətinizi də cəlb edəcək. Biz Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeyi haqqında mətbuatda səslənən narahatçılığı nəzərə alacağıq. Hökm deyil ki, biz ora təftiş eləməyə gedək. Sadəcə, tədbir keçirmək, görüş keçirmək adı ilə bizim bir neçə deputatımız, heç olmasa, ildə bir dəfə oraya baş çəksə, yerli hökumət nümayəndələri bizim diqqətimizi görər və bu məsələyə qayğını artırar.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Əvvəlcə, cənab Sədr, Sizdən xahiş edərdim, Elm və təhsil məsələləri daimi komissiyasına belə bir göstəriş verəsiniz ki, Təhsil Nazirliyinin nümayəndələrini ciddi bir məsələ ilə bağlı buraya dəvət etsin. Hər halda iradlarımızı bildirmək lazımdır. Çünki biz Təhsil haqqında qanun layihəsini də müzakirə edəcəyik.
Söhbət ciddi məsələdən, bizim dövlətçiliyimiz və milli məsələlərimiz üçün təhlükədən gedir. Təhsil Nazirliyinin ucbatından 2004-cü ildən başlayaraq, dərslikdə kobud səhv gedir və sonrakı nəşrlərdə təkrarlanır. Özü də səhv harada təkrarlanır? Birinci sinif dərsliyində.
Bizim üçün dövlət atributları çox müqəddəsdir. Dövlət atributlarımızdan biri də bayraqdır. Bayrağımızın üç rənginin rəmzini hamı bilir. Amma görün, Təhsil Nazirliyinin 6 iyul 2004-cü il tarixli 611 saylı əmri ilə “Pedaqogika” nəşriyyatında çap edilmiş birinci siniflər üçün “Həyat bilgisi” kitabında nə yazılır? Xahiş edirəm, 8-ci dərsdə bayrağımızdakı üç rəngin izahına baxın. Guya mavi göylərin rəngidir, təmizlik, müqəddəslik deməkdir; qırmızı qan rəngidir, inkişaf deməkdir; yaşıl isə otların, yarpaqların rəngidir, həyat deməkdir. Bu nə deməkdir? Bu səhvlərə ictimaiyyətin reaksiyasına baxmayaraq, təkrar nəşrlərdə də bu səhvlər gedir. Bilirsiniz, bunu oxuyan birinci sinif şagirdləridir. Bunu oxuyan uşaqlar həmin düşüncə ilə formalaşırlar. Mən xahiş edərdim ki, Elm və təhsil məsələləri daimi komissiyası bu məsələyə ciddi yanaşsın.
Oqtay müəllim, ikinci məsələ ünvanlı sosial yardımlarla bağlıdır. Bu, əhalinin imkansız təbəqəsinə kömək göstərilməsi istiqamətində önəmli addımdır. Amma burada bəzi məsələlərin dəyişdirilməsinə ehtiyac var. Nə baş verir? Mən öz rayonumu götürürəm. Bilirsiniz ki, o vaxt rayonlarda üzüm sahələri olub. Həmin üzüm sahələri Sovet İttifaqı dağılanadək artıq qırılmışdı. Amma torpaq islahatı gedəndə götürüb yazıblar ki, bunlar üzümlük sahələridir. Bunlar yüksək keyfiyyətli torpaqlardır. Artıq orada üzümlük də yoxdur.
İmkansız təbəqəyə ünvanlı sosial yardım vermirlər. Məsələn, mənim sərhədyanı kəndlərim var. Haradasa süpürgəçi yeri var. 30 manat əmək haqqı verirlər. Nəqliyyat işləmir. Aldığı maaşla heç iş yerinə gedib-gələ bilməz. Deyir ki, ora getmirsənsə, sənə ünvanlı sosial yardım verilmir. 1000 nəfərdən artıq adamı eyni yerə göndərirlər. Təbii ki, o da getməyəcək. Çünki onun maaşı heç yol pulunu ödəmir. Beləcə, həmin adamlara ünvanlı sosial yardım verilmir. Çox xahiş edirəm ki, bu məsələni parlamentdə ciddi müzakirə edək.
Üçüncüsü, Oqtay müəllim, Siz bu məsələyə həmişə həssas yanaşırsınız. Düzdür, Ziyafət müəllim bu məsələdə bir az başqa mövqe tutdu. Qarşıdan Xocalı soyqırımı gəlir. Xocalı soyqırımını Türkiyə parlamentindən başlayaraq...
Sədrlik edən. Qənirə xanım, biz həmin məsələni Sizinlə bir yerdə Türkiyə parlamentində qaldırmışdıq. Nəsib Nəsibli.
N. Nəsibli. Cənab Sədr, hörmətli millət vəkilləri, mən iki konkret məsələ ilə bağlı danışmaq istəyirəm. Bu iki problemi yaz sessiyası dövründə də qaldırmışdım. Lakin həmin məsələlərlə bağlı vəziyyət olduğu kimi qalır. Sonuncu görüşümüzdə, cənab Sədr, Siz də demişdiniz ki, mütəmadi olaraq bu məsələləri yadınıza salım. Bu gün fürsətdən istifadə edib yadınıza salmaq istəyirəm.
Birincisi, təhsil sistemində, xüsusi ilə ali təhsil sistemində müxalifətçilərin əmək hüququnun pozulması halları yenə də davam etməkdədir. Sizə 40 nəfərlik bir siyahı vermişdim. Yalnız iki nəfər işlə təmin olunub. Biri üzv olduğu partiyanı tərk etdiyinə görə, o birisi də deputat olduğuna görə. Qalan 38 nəfərin əmək hüququ pozulur. Məncə, demokratik hakimiyyət iddiasında olan iqtidar üçün bu yolverilməzdir.
İkinci məsələ. Yanvar ayından artıq köməkçi ştatı təsdiq olunacaq. Ondan əvvəl bu məsələ həll olunmalı idi. Müxalifətçi deputatların otaqla təmin olunması məsələsində heç bir irəliləyiş yoxdur. Eyni bəhanələr, eyni vəziyyət davam edir. Həmin köməkçilər küçədəmi oturmalıdırlar? Özü də yanvar ayına az qalıb.
Sədrlik edən. Çox sağ olun, hörmətli Nəsib Nəsibli. Mən Sizin birinci sualınızı tam cavablandırmışam. Siyahını Sizə vermişik, kimlərsə öz ərizəsi ilə işdən çıxıb. Amma Siz bunu başqa cür yozursunuz. Hansının imkanı olubsa, işə düzəlib.
İkincisi, bəli, yanvar ayından millət vəkillərinin köməkçiləri artıq dövlət qulluqçusu statusunda olacaqlar, Aparat işçiləri olacaqlar. Ona görə də “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə görə köməkçilər ali savadlı, hazırlıqlı insanlar olmalıdırlar.
Bəzi qəzetlərdə yazırlar ki, Milli Məclisdə Oqtay Əsədovla vitse-spiker arasında böyük gərginlik yaranıb ki, köməkçiləri kim təyin edəcək? Deputatlarla spiker arasında gərginlik yaranıb ki, köməkçiləri kim təyin edəcək? Köməkçi millət vəkilinin köməkçisidir. Köməkçi millət vəkili tərəfindən təqdim olunacaq və qanun əsasında işə qəbul ediləcək, Milli Məclis Aparatının işçisi olacaq.
Mən cavabımı hələ qurtarmamışam. O ki qaldı millət vəkillərinin seçki dairələrində otaqlarla təmin olunması məsələsinə, bu, təkcə müxalifət deputatlarına aid deyil, əksər iqtidar deputatlarına da aiddir. Biz bunun üzərində də işləyirik. Çalışacağıq ki, köməkçi məsələsi ilə bir yerdə bu məsələləri də həll edək. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Mən burada MSK ilə bağlı məsələlərə münasibətimi bildirmək istəyirəm. MSK azlıqda qalan bəzi həmkarlarımızın təklifi ilə bir il öncə formalaşdırılıb və tez-tələsik bizim həmkarlarımız öz nümayəndələrini veriblər. O vaxt partiya kimi seçkiyə qatılan Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat, Ümid Partiyası seçkilər tamamlanmadığı üçün bu prosesdən kənarda qalmışdılar. İndi təklif olunan yerlər məhz bu partiyalara aiddir. Ona görə də tələm-tələsik həmin yerləri tutan partiyaların indiki narahatçılığını mən başa düşə bilmirəm. Bu günü nəzərə alırsınızsa, bu məsələni bir yerdə həll etmək istəyirsinizsə, onda gərək tələsməyəydiniz, gözləyəydiniz.
Mən hesab edirəm ki, iş bitəndən sonra təzədən bu məsələyə başqa cür müdaxilə eləmək doğru deyil. Ona görə də təklif edirəm ki, birinci məsələ kimi bunu irəli çəkək, bu gün Məclisdə birinci məsələ kimi bu məsələ təsdiq olunsun. Çünki bu məsələ gecikib. Biz o vaxt deyəndə ki, MSK müxalifətsiz fəaliyyət göstərir, MSK-ya bizim qatılmamağımız dairələrdə, məntəqələrdə problem yaradır, tələm-tələsik öz nümayəndəsini verən partiyalar buna heç əhəmiyyət vermirdilər. Bir il sakitcə dözdülər. Amma indi məsələnin həllinə doğru addım atılanda buna etirazlarını bildirirlər. Mən bu münasibəti başa düşmürəm. Ona görə hesab edirəm ki, bu məsələ ilk növbədə müzakirə olunmalıdır. Çünki bunun dalınca məntəqələrin, dairələrin təsdiqlənməsi, müəyyənləşməsi gəlir.
Çox mürəkkəb bir məsələdir. Əlbəttə, istərdik ki, Müsavat Partiyasının da nümayəndəsi olsun. Çünki o da partiya kimi seçkilərə qatılıb, 4 deputatı var. Amma 4 deputatı olan bir partiya kənarda qalıb. Hər halda istərdik ki, ədalət prinsipi ilə bütün partiyalar burada təmsil olunsun. Tək-tək millət vəkilləri, müstəqil deputatlar yığışıb müəyyən yerləri öz aralarında müəyyənləşdiriblər. Bir daha həmin məsələdə dəqiqləşdirmə apara bilərlər. Ona görə də mən bir daha təkid edirəm.
Qalan məsələlərə də fikrimi bildirmək istəyirəm. Oqtay müəllim, mən hesab edirəm ki, Qarabağla bağlı ən xırda şeylərə də münasibətimiz olmalıdır.
Sədrlik edən. Çox sağ olun, Sabir müəllim. Nəzərinizə çatdırım ki, söhbət müxalifət partiyalarından yox, azlıq təşkil eləyən partiyalardan gedir. Sizin özünüzə müxalifətçi deyib, Qüdrət Həsənquliyevə müxalifətçi deməməyə ixtiyarınız yoxdur. Bu məsələ azlıqda olan partiyalara aiddir. Bunu nəzərdə saxlayın. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Mən də bir-iki məsələyə münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, Siz bəzi məsələlərə aydınlıq gətirdiniz. Ancaq bir də bu məsələlər vurğulanmalıdır.
Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş referenduma öz kəskin reaksiyasını verib. Bu reaksiya həm Sizin tərəfinizdən, həm xarici işlər naziri tərəfindən, həm Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri tərəfindən, həm də başqa rəsmi şəxslər tərəfindən vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə zidd olan məsələdir. Ona görə də beynəlxalq təşkilatların reaksiyası da, münasibəti də bu məsələyə konkret və birmənalıdır.
İkincisi, Xarici İşlər Nazirliyi referendumun keçirilməsini pisləyib. Vurğulanıb ki, Azərbaycanın razılığı olmadan, ümumiyyətlə, referendum keçirilə bilməz. Ümumiyyətlə, azərbaycanlıların referendumda iştirak etməməsi bu referendumu tamamilə mənasız edir.
Üçüncüsü, tezis formasında cavab vermək istəyirəm. Bəzən söhbət gedir ki, danışıqlar qapalı keçirilir və həmin danışıqları açıqlamaq lazımdır. Danışıqlar qapalı keçsə də, əsas məsələləri biz çox gözəl bilirik. Azərbaycanın ərazi bütövlüyü mübahisə və konkret müzakirə obyekti deyil. Azərbaycanın qaçqınları və köçkünləri öz torpaqlarına qayıtmalıdırlar. Azərbaycanın ərazisindən erməni qoşunları çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ məsələsi öz statusunu tapmalıdır. Başqa məqamlar isə açıqlanmamalıdır. Bunun açıqlanması problemlər yarada bilər. Ona görə də burada hansısa böyük bir sirr yoxdur. Konkret hər bir millət vəkili maraqlanırsa, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası yardımçı ola bilər, Xarici İşlər Nazirliyinin rəsmiləri ilə hansısa konkret məlumatı çatdıra bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Azərbaycanda ilk dəfə Avropa Şurası Parlament Assambleyasının ən nüfuzlu, ən böyük komissiyasının iki günlük iclası keçirilib. Mən xahiş edərdim ki, o haqda qısa məlumat verəsiniz.
S.Seyidov. Çox sağ olun, cənab Sədr. Siz tamamilə haqlı qeyd etdiniz ki, Azərbaycanda ilk dəfə məhz parlamentin və dövlət rəsmilərinin dəstəyi ilə bu iclas çox yüksək səviyyədə keçirildi. Mən millət vəkillərinə bir neçə məqamı çatdırmaq istəyirəm.
Birincisi, Siyasi Komitənin iclasının Azərbaycanda keçirilməsi Avropa Şurası tərəfindən vaxtilə qərar şəklində qadağan olunmuşdu. Siyasi Komitənin iclası Azərbaycanda keçirilərsə, onun Yerevanda da keçirilməsi qərara alınmışdı. Ancaq indi Siyasi Komitənin iclası burada keçirildi. Həmin iclasın keçirilməsi birbaşa Avropa Şurasının qərarı əsasında baş tutdu. Siyasi Komitənin iclasında xarici işlər naziri keçirilmiş referendumla bağlı öz bəyanatını verdi. Həmin bəyanat Avropa Şurasının saytlarında da qeyd olundu. Siyasi Komitənin iclasında Avropa Şurasının 60-a yaxın deputatı və 20-yə yaxın eksperti iştirak etdi. Müzakirə olunan məsələlərin hamısı ona dəlalət eləyir ki, Azərbaycanda siyasi vəziyyət tamamilə fərqlidir və Avropa Şurası tərəfindən qəbul olunandır.
Bununla əlaqədar bir məsələni də qeyd eləmək istəyirəm. Siyasi Komitənin iclasının Azərbaycanda keçirilməsi Azərbaycan üçün və onun mövqeyini 46 dövlətə açıqlamaq üçün çox uğurlu şans idi. Buna görə də, hörmətli cənab Sədr, Parlamentin üzvlərinə, şəxsən Sizə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və millət vəkillərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu böyük bir hadisə idi. Bəzən qəzetlərdə yazırlar ki, bu o qədər də əhəmiyyətli hadisə deyil. Əslində, Siyasi Komitə ölkələri Avropa Şurasına qəbul edən bir qurumdur. O elə bir komitədir ki, ölkənin siyasi istiqamətini müəyyən edir.
Həmin iclasda müəyyən olundu ki, Azərbaycan Avropa Şurası üçün ən dəyərli ölkələrdən biridir və o, Avropa Şurasının tərkibində xüsusi missiyaya malikdir. Bu missiya Orta Asiya ölkələrinin Qərbə yaxınlaşması və demokratiyanın Azərbaycandan Orta Asiya ölkələrinə yayılması üçün vacibdir. Ona görə də hesab edirəm ki, Siyasi Komitənin iclasının Azərbaycanda keçirilməsi vacib və əhəmiyyətli məsələlərdən biridir.
Oqtay müəllim, sonda qeyd etmək istəyirəm ki, Siyasi Komitənin bir qərarı da bununla əlaqədar oldu. Komitənin sədri qeyd etdi ki, Azərbaycanda Siyasi Komitənin iclasının keçirilməsi Azərbaycan Respublikasının Prezidentinin xoş niyyətini və siyasi iradəsini göstərir. Azərbaycanda mətbuatla bağlı bəzi problemlərin həll olunması ölkənin demokratik yolla inkişafını sübut edir və Azərbaycanın bu yoldan heç vaxt dönməyəcəyini bir daha təsdiqləyir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Çox sağ olun, cənab Sədr. Biz Sizin tapşırığınızla cəmiyyətdə gedən sosial prosesləri daim izləyirik və vaxtaşırı həm sizi məlumatlandırırıq, həm də qanun yaradıcılığında dəyişikliklər və əlavələr edilməsinə təşəbbüs göstəririk.
Bu gün burada səsləndi ki, ünvanlı sosial yardımla bağlı yerlərdə problemlər var. İcazə versəniz, mən bir balaca bu məsələlərə aydınlıq gətirərdim. Söhbət nədən gedir? Qanunda, demək olar ki, problem yoxdur. İlk dəfədir ki, Azərbaycanda ünvanlı sosial yardım prosesi yaranır. Burada bir sıra təlimatlarda çoxlu bürokratik əngəllər mövcuddur. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı təlimatlarda ünvanlı sosial yardım almaq üçün 17 sənədin təqdim olunması vacib idi. Burada obyektiv və subyektiv məsələlər də var. Ədalətli və ədalətsiz çıxışlar da oldu. Bütövlükdə söhbət ondan gedir ki, gələn ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin təlimatı dəyişdirəcək.
İkinci məsələ nədən ibarətdir? Büdcəni təsdiq eləyəndə iki istiqamətdə çox vacib iş gördük. Birincisi, ünvanlı sosial yardımın ödənilməsi üçün biz ehtiyac meyarını artırdıq. Beləliklə, əhalinin daha çox hissəsinin ünvanlı sosial yardıma cəlb olunması üçün şərait yaratdıq. İkincisi, biz bu məqsədlər üçün ayrılan vəsaitin həcmini iki dəfə artırdıq. Yəni həm ehtiyac meyarı, həm də vəsaitin həcmi artdı. Bu da imkan verəcək ki, biz sosial durumu ağır olan daha çox adama kömək eləyək. Təlimatların dəyişdirilməsi ilə bağlı mən sonradan əlavə məlumat verərəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Doğrudan da, biz müzakirələr apardıq. Amma Arzu Səmədova söz verməsək, deyərlər ki, müxalifəti sıxışdırırlar. Buyurun.
A. Səmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələ ilə bağlı narahatçılığımı ifadə etmək istəyirəm. Müstəqil Azərbaycan Universitetinin tələbələrinin aclıq aksiyasına hakimiyyət orqanları tərəfindən sayğısızlığın və diqqətsizliyin olduğunu bu gün parlament səviyyəsində səsləndirməyi lazım bilirəm. Hörmətli Oqtay müəllim, ötən dəfə bu məsələ qaldırıldı. Çox təəssüflər olsun ki, ayın 11-də keçirilən məhkəmədə Təhsil Nazirliyinin işçiləri ilə məhkəmə orqanları bir-birinə baxıb bu məsələni həll etməyin nədən ibarət olduğunu aydınlaşdıra bilmədilər. Tələbələr çıxılmaz vəziyyətdə qalıb kəskin ölüm aclığına başladılar. Əlbəttə, biz onları başa salmağa çalışırıq və deyirik ki, aclıq aksiyası yaxşı üsul deyil. Amma biz bilirik ki, bu son həddir. Tələbələr etirazlarını bu formada bildirirlər.
Bildiyimə görə, hörmətli Sabir müəllim onların məhkəməsində iştirak edib. Yəqin ki, bu məsələ ilə bağlı danışmağa vaxtı çatmadı. Siz də dediniz, vəziyyət elədir ki, həmin ali məktəbə tələbələrin qəbulunun düzgün olub-olmamasını məhkəmə müəyyən eləyə bilər. Bu ali məktəbi tələbələr yığılıb təsis eləməyib. O, qanunsuz fəaliyyət göstəribsə, deməli, müvafiq hakimiyyət orqanları buna şərait yaradıblar. Üstündən bir neçə il keçəndən sonra məsuliyyətdən yaxasını qurtarmaq üçün ali məktəbin rəhbərliyi kənara çəkilib. Təhsil Nazirliyi bu məsələyə yaxşı münasibət bəsləmir. Doğrudur, mətbuatda Təhsil Nazirliyinin bu məsələ ilə bağlı müəyyən ümidverici tezisləri var.
Oqtay müəllim, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə, bizim Milli Məclisin komissiyalarına, hörmətli Rəbiyyət xanıma, hörmətli Şəmsəddin müəllimə müraciətlərimiz var. Sizinlə də bu barədə söhbətlərimiz olub. Ayın 21-də növbəti məhkəmədir. Biz çox istərdik ki, Siz bu məsələ ilə bağlı bütün bu narahatçılıqları nəzərə alıb, həm Təhsil Nazirliyi ilə, həm də müvafiq orqanlarla bu məsələni danışıb, tələbələrin məsələsinin müsbət həll olunmasına yardımçı olasınız. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Biz bununla bir dəfə məşğul olmuşuq. Bir də məşğul olarıq. Ancaq burada Təhsil Nazirliyinin heç bir günahı yoxdur. Bütün günahlar universitetin rəhbərliyindədir. Qanunsuz tələbə qəbul eləyib. O sənədlər bizdə də var. Ancaq Təhsil Nazirliyi çalışır ki, bu məsələni normal həll eləsin. Müzakirələr qurtardı.
Hörmətli millət vəkilləri, gündəliyə keçirik. Dediyimiz kimi, gündəliyin birinci məsələsini axıra çatdırmamışıq. Çıxışa yazılan 5 millət vəkili qalmışdır. Buyurun, Musa Quliyev.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz qanun layihəsi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin sistemləşdirilməsi baxımından əhəmiyyətlidir. Beynəlxalq təcrübədə də eyni sistemdən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının, mükafatlarının, digər təminat və ödənişlərinin eyni qayda ilə ödənilməsi təcrübəsi vardır. Beynəlxalq təcrübənin qəbul olunması baxımından belə bir qanunun qəbul edilməsi zəruridir.
Təqdim olunan qanun layihəsi işçilərin əməyinin ödənilməsi sahəsində pərakəndəliyi aradan qaldırır, sistemli ödəniş formalarının tətbiq olunmasına şərait yaradır. Qanun layihəsinin ayrı-ayrı maddələrində nəzərdə tutulan vəzifə maaşlarına əlavələrin, mükafatların və digər təminatların sistemli şəkildə həyata keçirilməsi baxımından belə bir qanunun qəbul olunmasına ehtiyac vardır. Eyni zamanda, qanun layihəsində vəzifə maaşlarının növlərinin dəqiqləşdirilməsi də əhəmiyyətlidir.
Bildiyimiz kimi, Azərbaycanda vəzifə maaşlarına sovet sistemindən qalma əlavələr təyin olunurdu. Bunların da tətbiq dairəsi geniş idi və ayrı-ayrı icra orqanları istədiyi şəkildə bu əlavələri tətbiq edirdilər. Düşünürəm ki, indi həmin əlavələrin sayının azaldılması və qanunla tənzimlənməsi əhəmiyyətlidir.
Mükafatların və əlavə təminatların tətbiqi qaydasının dəqiqləşdirilməsi də qanun layihəsinin müsbət cəhəti kimi qeyd olunmalıdır. Eyni zamanda, demək istəyirəm ki, bu məsələ həm Sosial siyasət daimi komissiyasında, həm də İqtisadi siyasət daimi komissiyasında müzakirə olunarkən deputatlar haqlı olaraq qanun layihəsində bir sıra boşluqların və ziddiyyətlərin olmasına da diqqət yetirmişlər. Hesab edirəm ki, həmin məsələlər ikinci oxunuşa aid məsələlərdir. Ancaq indi biz layihəyə konseptual baxımdan qiymət verməliyik ki, belə bir qanunun qəbul olunması nə dərəcədə əhəmiyyətlidir. Mən hesab edirəm ki, belə bir qanunun qəbul olunması vacibdir. Eyni zamanda, xüsusi toxunmaq istəyirəm ki, bu qanun layihəsinin bəzi müddəaları “Deputat statusu haqqında” Qanunla ziddiyyət təşkil edir. Həmin müddəalar “Deputat statusu haqqında” Qanuna uyğunlaşdırılmalıdır, tənzimlənməlidir.
Mən çox vaxt almaq istəmirəm, təklif edirəm ki, cənab Prezidentin imzası ilə Milli Məclisə təqdim olunan bu qanun layihəsinin konseptual baxımdan birinci oxunuşda qəbul olunmasına səs verək. Cənab Sədr, eyni zamanda Sizdən xahiş edirəm ki, işçi qrupunun yaradılmasına tapşırıq verəsiniz. Arzu eləyən deputatların və qanun müəlliflərinin iştirakı ilə ikinci oxunuşa qanun layihəsi daha təkmil variantda hazırlanmalıdır. İkinci oxunuşda deyilən nöqsanlar və boşluqlar aradan qaldırılmalıdır.
Cənab Sədr, mənim bir təklifim də var. Gündəlikdə 14 məsələ var və artıq payız sessiyasının sonuna yaxınlaşırıq. Növbəti gündəliyə də çoxlu məsələlər salınıb. Mən təklif edirəm ki, bu məsələ çox geniş açıqlanmasın. Deyilən təkliflər nəzərə alındıqdan sonra bu qanun layihəsi birinci oxunuşun tələbləri səviyyəsində konseptual baxımdan qəbul olunsun. İkinci oxunuşda daha geniş müzakirə apararıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bizim keçən iclasımızda 5 millət vəkili çıxışa yazılmışdı. Onlar çıxış eləməmişlər. Əgər həmin millət vəkilləri – Rafael Cəbrayılov, Vahid Əhmədov, Fəzail Ağamalı, Astan Şahverdiyev təkid edirlərsə, çıxışlara davam eləyək. Sualınız var, ya çıxış etmək istəyirsiniz? Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Oqtay müəllim, söz verdiyiniz üçün çox sağ olun. Mən bir məsələyə münasibət bildirmək istəyirəm. Bu da dövlət orqanlarında çalışan işçilərin iş vaxtından əlavə işdə saxlanılması ilə bağlıdır. Düzdür, biz ikinci oxunuşda bu barədə ətraflı danışacağıq. Mən hesab edirəm ki, Azərbaycanın indiki durumunda bu yolverilməzdir. Əvvəla, ayda iş vaxtından 5 saat artıq işlədikdə işçiyə pul verilməsi nəzərdə tutulur. Qeyd olunur ki, bu da 17 saatdan çox olmamalıdır. Mən vaxtı ilə Milli Məclisin iclasında bu məsələni qaldırmışdım. Çox təəssüf ki, bizim bəzi dövlət idarələrində heç bir ehtiyac olmadan iş vaxtının saat 6-da başa çatmasına baxmayaraq, saat 8-ə qədər işçilər evə buraxılmır. Bu da əlavə elektrik enerjisi, əlavə istilik deməkdir.
Rusiya bizə qaz idxalını, elektrik enerjisini məhdudlaşdırır. Ölkənin enerjiyə tələbatı var. İşçi niyə 8 saat ərzində öz işini görə bilmir? İnkişaf etmiş ölkələrin çoxunda iş vaxtından artıq işdə qalan işçidən izahat alınır ki, niyə saat 6-da işi qurtarmamısan? Niyə işdə yarım saat artıq qalmısan? İşçi bu barədə rəhbərliyə məlumat yazmalıdır. Amma bizdə nazir, komitə sədri və ya icra başçısı kabinetdə oturur və özü evə getməyənə qədər icazə vermir ki, bir adam işdən getsin. Yaxud deyir ki, saat 8-dən sonra işçiləri buraxmaq olar. Mən hesab edirəm ki, bu məsələyə bizim millət vəkilləri diqqətlə yanaşmalıdırlar. Biz icra orqanlarından qanunlara hörmətlə yanaşmalarını tələb eləməliyik. Bu müddəalar da ikinci oxunuşa qədər nəzərə alınmalıdır. Bu müddəti biz 5 saata qədər azaltmalıyıq. Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, bu qanun konseptual baxımdan qəbul olunmalıdır. Çox vacib qanundur. Həqiqətən, Musa Quliyevin dediyi kimi, biz işçi qrupu yaratmalıyıq. İqtisadi siyasət daimi komissiyası, Sosial siyasət daimi komissiyası bu qanun üzərində çox ciddi işləməlidirlər. Büdcədən maliyyələşən təşkilatların vəzifə maaşlarına 75-dən yuxarı əlavələr, mükafat formaları var. Bunların 32-si ləğv olunur, 17-si təkmilləşdirilir. Bütün bunlar lazımdır. Ona görə ki, dünyanın hər yerində vəzifə maaşlarının unifikasiyası, yəni eyniləşdirilməsi qəbul olunur. Bu da maliyyə sistemində şəffaflığa kömək eləyir. Ona görə mən də hesab edirəm ki, konseptual baxımdan qanun layihəsini səsə qoymalıyıq. Əgər komissiyanın sədri Ziyad Səmədzadənin sözü yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 79
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 83
Nəticə: qəbul edildi
Qəbul olundu. Ancaq mən bir də millət vəkillərindən xahiş edirəm, səsvermədə iştirak etsinlər. Gündəliyin ikinci məsələsinə keçirik. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında. Fazil müəllim, buyurun.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən hökumətin qarşısında qoyulan strateji məqsəd və hədəflər bütün sahələrdə, xüsusi ilə iqtisadiyyatda səmərəli vergi siyasətinin həyata keçirilməsini zəruri edir. Bu siyasət vergi qanunvericiliyinin və inzibatçılığın təkmilləşdirilməsinə, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsinə və vergi sistemində insan resurslarından istifadənin səmərəliliyinin artırılmasına xidmət etməlidir.
Məhz bu baxımdan əvvəlki iclaslarda müzakirə olunmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi əsasən dörd istiqaməti, yəni respublikada aparılan vergi siyasətinin təkmilləşdirilməsini, vergi inzibatçılığının muasirləşdirilməsini, vergi nəzarətinin səmərəliliyinin artırılmasını və redaktə xarakterli dəyişiklikləri və əlavələri əhatə etmişdir. Həmin layihənin bir sıra müddəalarına hörmətli millət vəkilləri tərəfindən irad və təkliflər verilmişdir. Hökumət həmin təklifləri nəzərə almışdır.
Vergi Məcəlləsinin 14 maddəsində dəyişikliklər və əlavələr, habelə bu məsələyə dair hörmətli millət vəkillərinin çıxışlarındakı irad və təkliflər geniş müzakirə edilmişdir. Əlavə dəyər vergisi hesablarının tətbiqi qaydalarının yenidən işlənməsi üçün əlavə vaxt tələb olunur. İlin sonuna qədər qalan vaxtın azlığını nəzərə alaraq, bu dəyişikliklərə növbəti ildə baxılması məqsədəuyğundur. Ona görə də əlavə dəyər vergisi hesablarının tətbiqi ilə bağlı dəyişikliklər layihədən çıxarılmışdır.
Eyni zamanda, Vergi Məcəlləsinin 190.4-cü maddəsində nəzərdə tutulan dəyişikliklər və əlavələr müzakirə edilmişdir. Həmin maddəyə görə, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara, habelə bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin yüksək olması barədə iradlar nəzərə alınmış, həmin aksiz dərəcələrinə yenidən baxılmışdır.
Hazırkı qanun layihəsində minik avtomobilləri üçün aşağıdakı dərəcələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Yəni mühərrikin həcmi 2000 kub santimetrədək olduqda, hər kub santimetrə görə 0,15 manat, mühərrikin həcmi 3000 kub santimetrədək olduqda 300 manat, üstəgəl mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə 1 manat, mühərrikin həcmi 4000 kubmetr santimetrədək olduqda 1300 manat, üstəgəl mühərrikin həcminin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə 2 manat, mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda 3300 manat, üstəgəl mühərrikin həcminin 4000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə 4 manat, həmçinin istirahət və ya idman üçün yaxtaların və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərriklərinin həcminin hər kub santimetrinə görə bir manat aksiz dərəcəsi nəzərdə tutulur.
Milli Məclisə təqdim edilmiş layihədə müğənnilik, xanəndəlik, toy və şənliklərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq fəaliyyəti, avtomobillərə texniki xidmət, onların tənzimlənməsi, yuyulması, tərcümə xidmətləri, fərdi foto çəkilişi, bərbərxana xidmətləri, ayaqqabı təmiri ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar. Vergi dərəcələrinin gəlirdən deyil, fəaliyyətin növündən asılı olaraq müəyyən edilməsinə dair hörmətli millət vəkillərinin iradları nəzərə alınmış, qeyd olunan dəyişikliklər layihədən çıxarılmışdır. Şadlıq evləri, restoranlar, yeməkxanalar və digər iaşə obyektlərinə tətbiq olunan vergi dərəcələrinin artırılmasını nəzərdə tutan, eyni zamanda, onların əlavə dəyər vergisi qeydiyyatına alınmasını istisna edən dəyişikliklər əvvəlki layihədə öz əksini tapmışdır. Bu dərəcələrin yüksək olması ilə əlaqədar iradlar nəzərə alınmış, qeyd olunan dəyişikliklər layihədən çıxarılmışdır.
Əvvəlki layihədə, yəni Məcəllənin 220-ci maddəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb olunması məqsədi ilə fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq müxtəlif əmsalların tətbiqi üçün respublikanın şəhər və rayonlarının bölgüsü verilmişdi. Bu məsələnin qanun layihəsinin predmeti olmadığına dair millət vəkillərinin fikirləri nəzərə alınmış, müvafiq icra hakimiyyətinin qərarı əsasında qaydaların müəyyən edilməsi məqsədəmüvafiq hesab edilmiş, layihədə dəyişikliklər aparılmışdır.
Bununla belə, millət vəkillərinin digər irad və təklifləri də nəzərə alınmışdır. Belə ki, spirtli içkilərin, tütün və ərzaq məhsullarının idxalına dair dəyişikliklər, habelə nağd pul hesablaşmalarının aparılması qaydalarının il ərzində üç dəfədən çox pozulmasına görə obyektin bağlanması üçün məhkəmədə iddianın qaldırılması hüququnun verilməsi, həmin pozuntuya görə məsuliyyət müəyyən edilməsi barədə 23.11.16 və 58.8-ci maddələrə təklif olunan dəyişikliklər layihədən çıxarılmışdır. Eyni zamanda, vergilər, faizlər və sanksiyalar üzrə borclar barədə müddəalar digər qanunvericilik aktları ilə tənzimləndiyi üçün Vergi Məcəlləsinin 90.2-ci maddəsinə ediləcək əlavələrin qanun layihəsindən çıxarılması qərara alınıb.
Qanun layihəsində markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin texnoloji avadanlıqlarının standartlara uyğunluğunu yoxlamaq üçün nəzarət postlarının yaradılması, həmçinin bu postlar tərəfindən həyata keçirilən nəzarət qaydaları öz əksini tapmışdır. Lakin aksizli malları istehsal edən vergi ödəyicilərinin nəzarət postlarının fəaliyyəti ilə bağlı məsuliyyətinin layihədə nəzərdə tutulmasını hörmətli millət vəkilləri düzgün olaraq qeyd etdilər. Onunla əlaqədar layihəyə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişiklik edildikdə, texnoloji avadanlıqların plombları zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə vergi ödəyicisinə 5 min manat məbləğində cərimə tətbiq edilməsi barədə maddə əlavə edilmişdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, hörmətli millət vəkillərinin təklifləri nəzərə alınmış, layihəyə 20-dən çox əlavə və redaktə xarakterli dəyişiklik edilmişdir. Xahiş edirəm ki, sonuncu variantda təqdim olunmuş qanun layihəsinə müsbət rəyinizi bildirəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim. Hörmətli millət vəkilləri, biz bu məsələni müzakirə eləmişik. Görürəm, indi bu dəyişikliklərə görə yenidən müzakirə açırıq. Artıq 15 nəfər çıxış etmək istəyir. Xahiş edirəm, qısaca münasibət bildirin. Buyurun, Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Mən dəyişikliyə öz münasibətimi bildirəcəyəm. Burada aksiz dərəcələri ilə bağlı 190.4-cü maddə Milli Məclisdə gemiş müzakirələrə səbəb olmuşdur. Xatırlayıram ki, hətta mənim çıxışımdan sonra hörmətli Fazil müəllim belə bir münasibət bildirmişdi ki, Rusiyadan idxal olunan minik avtomobillərinə tətbiq olunacaq aksiz dərəcələrinə yenidən baxıla bilər. Müəyyən ehtimal vardı ki, mənim təkliflərim qəbul oluna bilər. Həmin təkliflər nədən ibarət idi?
Hamımız bilirik ki, son vaxtlar Rusiyadan Azərbaycana müəyyən təzyiqlər var. Dövlət məmurları, dövlət rəsmiləri bunu açıq formada etiraf eləməsələr də, bu belədir. Artıq yanvar ayından azərbaycanlıların kütləvi şəkildə deportasiyası başlayacaq. Məsələnin ciddiliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti bununla bağlı hətta hökumət komissiyası yaratdı. Prezident müşavirədə hökumət üzvlərinə dedi ki, biz Bakı–Novorossiysk xətti ilə göndərilən nefti Azərbaycanda saxlayıb mazut istehsal eləməliyik. Prezident hər şeyi xırdalıqlarına qədər deməməlidir. Yəni bunlardan hökumət üzvləri nəticə çıxarmalıdırlar. Biz xalq olaraq, dövlət olaraq Rusiyanın təzyiqlərinə müqavimət göstərməliyik. Əslində, mən gözləyirdim ki, Rusiyadan idxal olunan avtomobillərə görə aksiz dərəcələri artacaq. Əksinə, daha da azaldıldı. Əvvəl mühərrikin hər kub santimetrinə görə 0,5 manat nəzərdə tutulmuşdu. Amma indi bu rəqəm 0,15 manatla əvəzlənib. Mən bilmirəm, Rusiyadan Azərbaycana avtomobilləri kim idxal eləyir. Amma onu bilirəm ki, bu maşınlar çox keyfiyyətsizdir. Allah uzaq eləsin, qəza zamanı həmin avtomobillərin təhlükəsizlik göstəriciləri aşağı olduğuna görə çoxlu sayda insan tələfatı olur və insanlar ağır bədən xəsarətləri alırlar. Məncə, biz Rusiyadan idxal olunan avtomobillərin aksiz dərəcələrini artırmalıyıq.
Burada yazılıb ki, mühərrikin həcmi 2000 kub santimetrə qədər olduqda 0,15 manat müəyyənləşdirilir. Rusiyadan idxal olunan “Jiquli”lərin mühərrikinin həcmi 1500-1700 kub santimetrdir. Belə çıxır ki, bunlar hər kub santimetrə görə 15 qəpik aksiz dərəcəsi verəcəklər. Bu, doğru deyil. Mən bunu dövlət siyasətinə uyğun hesab eləmirəm. Biz eyni qiymətə Avropa ölkələrindən, Koreyadan, Yaponiyadan daha keyfiyyətli avtomobillər idxal eləyə bilərik. Oqtay müəllim, mən bunu qeyd eləmək istəyirəm.
Bir tərəfdən biz Rusiyanın təzyiqləri ilə üzləşirik, digər tərəfdən Bakı Elektrik Şəbəkəsini, Azərbaycanın elektrik istismarı ilə bağlı obyektlərini “PAO EÐC”-ə vermək istəyirik. “Barmek”ə verdik, nəticəsini gördük. Bu barədə artıq söz-söhbət gedir. Bu, strateji sahədir. Məgər Azərbaycanda bu sahəni idarə edə biləcək insanlarımız yoxdur? Mən bunu yeri gəlmişkən dedim. Azərbaycan bu məsələyə öz etirazını bildirməlidir. Azərbaycanın mütəxəssisləri strateji sahələrə özləri nəzarət eləməlidirlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. “PAO EÐC” məsələsini birinci dəfə eşidirəm. Hər sözə fikir vermək lazım deyil. Elə məsələ yoxdur. Mən əminəm ki, bundan sonra da olmayacaq. Çünki məsələ o həddə çatmayıb. İkincisi, aksiz markalarını müəyyənləşdirəndə Rusiyadan gələn maşınlarla Avropadan gələn maşınlara fərq qoyulmur. Bu ümumi qaydadır. Belə də olmalıdır. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Sədrin qeyd elədiyi kimi, biz Büdcə sistemi haqqında qanun layihəsini təsdiq edəndə bu qanun layihəsini də müzakirə etmişik. Düzdür, orada bir sıra təkliflərimiz, iradlarımız var idi. Çox razıyam ki, Vergilər Nazirliyi hökumətlə bir yerdə bu iradların əksəriyyətini nəzərə alıb. Ona görə də mən bir neçə məsələyə toxunmaq istərdim.
Bu qanun layihəsində nağd pul hesablaşmalarının ön plana çıxarılması, yəni hansı sahələrdə nağd pul hesablaşmalarının aparılması konkret göstərilir. Həmçinin nağd pul hesablaşmalarının aparılması ilə əlaqədar hansı sanksiyaların tətbiq edilməsi öz əksini tapır. Çünki Azərbaycanda aparılan pul-kredit siyasətində nağd pul hesablaşmaları ən öndə gedən məsələlərdən biridir. Faktiki olaraq, Vergilər Nazirliyi tərəfindən maliyyə vahidi manatla əvəz edilib. Bu, tamamilə düzdür. Mən təklif edərdim ki, digər maliyyə orqanları da şərti maliyyə vahidi anlayışından uzaqlaşsınlar və onu manatla əvəz etsinlər. Bununla əlaqədar burada bəzi dəyişikliklər olub. Bunları bayaq Fazil müəllim də qeyd elədi.
Birincisi, 58.8-ci maddədə müəyyən ölçü cihazlarının, avadanlıqlarının üzərində dəyişiklik edilməsi ilə əlaqədar 5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Əlbəttə, əvvəlcə müəyyən etmək lazımdır ki, həmin zədələnmə nə vaxt oub? Onu kim eləyib? Bu çox ciddi prosesdir. Burada göstərilən məbləğ də həddindən artıq yüksəkdir. Buna baxmayaraq, həmin maddəni qəbul etmək olar.
Keçən dəfə müzakirələrdə mənzil tikintisi ilə əlaqədar iradlar söylənildi. Yəni mənzil tikintisində təxminən 40-50 manat məbləğində vergi nəzərdə tutulmuşdur. Həmin məbləğ azaldılaraq 10 manata çatdırılıb. Bu nə ilə əlaqədardır? Çünki Azərbaycanda tikinti çox böyük sürətlə gedir. Bunun azaldılması nə ilə əlaqədardır?
Minik avtomobilləri ilə əlaqədar məsələni Qüdrət Həsənquliyev qaldırdı. Tamamilə doğrudur. Burada təklif olunan dəyişikliklərdə 1500-3000 manata yaxın məbləğ nəzərdə tutulmuşdu. Hazırda həmin məbləğ 1800 manat həcmində azaldılıb. Onsuz da xaricdən gətirilən avtomobillərin sayı həddindən artıq çoxdur. Göstərilən aksiz dərəcələri isə həddindən artıq aşağıdır. Yəni birinci variantda göstərilən rəqəm daha düzgün olardı.
Bir məsələyə də toxunmaq istərdim. Bu, Vergi Məcəlləsində nəzərdə tutulmayıb. Bu gün xarici hüquqi və fiziki şəxslərin ayırdığı kreditlər hesabına Azərbaycanda müəyyən əməliyyatlar aparılır. Vergi Məcəlləsinin 161.6-cı maddəsinə görə, kredit verən xarici firmalar üçün bir şərt, daxili firmalar üçün başqa şərt qoyulur. Əgər xarici firmalar Azərbaycanda tikinti işləri aparırsa, onlar əlavə dəyər vergisindən azad edilirlər. Amma bizim daxili firmalarımız, tikinti təşkilatlarımız əlavə dəyər vergisi ödəməlidir. Xahiş edərdim, bu maddəni dəyişdirək. Yəni 165.1.6-cı maddədə “kreditləri və borcları alan şəxs tərəfindən” sözlərini çıxaraq. Ümumilikdə mən Vergi Məcəlləsinə dəyişikliklərin qəbul edilməsinin tərəfdarıyam və millət vəkillərini ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxışa yazılanlardan təkid eləyən var? Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, çıxışıma hörmətli nazir Fazil Məmmədovun cavabına istinadən başlamaq istəyirəm. Hörmətli millət vəkilləri Fazil Məmmədovun verdiyi izahatdan yetərincə razı qalmalıdırlar. Çünki büdcə məsələsi müzakirə olunanda bu qanun layihəsi də geniş və hərtərəfli təhlil edildi. Ayrı-ayrı millət vəkilləri təkliflərini verdilər. Çox yaxşı haldır ki, həmin təkliflərin əksəriyyəti nəzərə alınıb və bizim müzakirəmizə təkmilləşdirilmiş bir qanun layihəsi təqdim olunubdur. Bu da vergi sisteminin təkmilləşdirilməsi, verginin yığılmasına nəzarətin müasir tələblər səviyyəsinə uyğunlaşdırılması, eyni zamanda, vergi siyasətinin çevik qurulması baxımından növbəti addım kimi dəyərləndirilməlidir.
Burada ayrı-ayrı hörmətli millət vəkillərinin söylədiyi iradlara cavab vermək istərdim ki, buna ehtiyac yoxdur. Bir daha təkrar edirəm, təqdim edilmiş olan qanun layihəsində hər şey nəzərə alınıbdır. Bütün bunlar təqdirəlayiqdir. Mən də hörmətli millət vəkillərinin belə bir fikrinə qoşuluram ki, bu qanun layihəsi artıq müzakirə olunmadan səsə qoyulmalıdır və qəbul edilməlidir. Hörmətli millət vəkillərinə üz tutaraq, layihəyə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy mənə məktub yazıb ki, prosedur qaydalarını pozuram. Amma məktuba 5 nəfərin adından özü qol çəkib. Görünür, Pənah bəyin sözü var. Buyursun.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Bizə təkmilləşdirilmiş variant kimi təqdim olunan qanun layihəsi tamamilə yenidir. Biz paket halında daxil olan qanun layihələrinə səs vermişdik. Burada bizim bir sıra peşəkar iqtisadçıların iradlarından sonra hörmətli cənab nazir Fazil müəllim çıxış eləmiş və əvvəlki dəyişikliklərdəki konsepsiyanı çox ciddi şəkildə müdafiə eləmişdi. Nə baş vermişdir? O baş vermişdir ki, Bolqarıstanın yüksək vəzifəli şəxsi burada cənab Prezidentlə görüşdə onların təcrübəsinin necə iflasa uğradığını demişdi. Ondan sonra faktiki olaraq, Vergilər Nazirliyi tərəfindən təklif olunan bəzi maddələr, o cümlədən əlavə dəyər vergisi hesablarının tətbiqi məsələsi qanun layihəsindən çıxarılmışdı. İndi isə mən bizim bəzi peşəkar iqtisadçıların reaksiyasını təəccüblə qarşılayıram. Belə görünür ki, guya hansısa texniki dəyişiklik olmuşdur. Biz bunu paket halında qəbul eləmişdik. Dəyişdirilmişsə, deməli, o, fövqəladə olub.
İkincisi, xahiş edirəm, hörmətli cənab nazir cavab versin ki, 51 faizdən yuxarı daxilolmalarda Vergilər Nazirliyinin payı nə qədərdir? Keçən dəfə biz sual verdikdə, o, cavab vermişdi ki, həmin daxilolmaları dəyişikliklər təmin eləyəcəkdir. İndi burada aksiz dərəcələri və bir sıra vergilər azaldılmışdır. Bu, əlavə dəyər vergisi hesablarının tətbiqi ilə bağlı vergi intizamının yüksəldilməsi nəticəsində daxil olacaq artımdır. Bunların heç biri yoxdur. Bəs bu plan hansı yeni vasitələrlə ödəniləcəkdir? Buradakı azalmalar nə ilə əvəz ediləcəkdir? Mən prinsip etibarı ilə bu qanun layihəsindəki əlavə və dəyişiklikləri bəyənirəm.
Hesab edirəm ki, nəhayət, xarici vəzifəli şəxslərin, heç olmasa, tövsiyəsi ilə normal, məntiqli bir siyasətə qayıtmalı olduq. Amma bir daha təkrar eləyirəm, bunun hər halda məsuliyyəti də olmalıdır. Hər halda həmin konsepsiyanı işləyib hazırlayan, hətta bunu MDB-də öncül bir vergitutma məktəbi kimi təqdim eləyən mütəxəssislər, o cümlədən cənab nazir də bir nəticə çıxarmalıdır. Mən bu məsələni sizin diqqətinizə çatdırmaq istərdim. İctimaiyyət bundan ciddi narahat olmuşdur.
Dekabr ayında ölkəyə daxil olan minik avtomobillərinin idxalı dəfələrlə artmışdır. Bu məsələ möhtəkirliyə oxşayır. Necə olmuşdur ki, birdən-birə belə ajiotaj yaranmışdır? Hər halda gömrükdən keçən maşınların sayı haqqında statistik rəqəmlərə baxsaq, görərik ki, Cənubi Qafqaza daxil olan minik avtomobillərinin, demək olar ki, 80-90 faizi Azərbaycana gəlib. Süni ajiotaj yaranmışdır. Evlərin qiymətinin qalxması ilə bağlı ciddi möhtəkirlik baş alıb gedir. Onda belə çıxır ki, kimlərsə bunu əlavə gəlir əldə etmək üçün törədir. Ona görə hesab edirəm ki, əlavə və dəyişikliklər, nəhayət, sağlam məntiqə və Azərbaycandakı reallıqlara uyğundur. Bir daha belə halların təkrar olunmaması üçün, hesab edirəm ki, hökumət ciddi nəticələr çıxarmalıdır.
Sədrlik edən. Hörmətli Pənah müəllim, mən Sizin bir suala cavab verəcəyəm. Siz Bolqarıstan spikeri ilə görüşmüsünüz? Bolqarıstanda həmin qanun bu gün də işləyir. İlk illərdə o çox kömək edirdi. Bolqarıstan spikeri ilə nə mənim tərəfimdən, nə də cənab Prezident tərəfindən bu məsələ müzakirə olunub. Bizim hökumət üzvləri, bankın işçiləri çox böyük bir toplantı keçirdilər, həftələrlə bunun üzərində işlədilər, ümumi bir qərara gəldilər. Ona görə də görülən işlərə belə qiymət vermək düzgün deyil. Mən hesab edirəm ki, müzakirələr olub. Xahiş edirəm, bu məsələyə öz münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Fazil müəllim, çox sağ olun. Həqiqətən, millət vəkillərinin verdiyi suallara düzgün yanaşdınız.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqındadır. Mən bəzi millət vəkillərinə cavab verəndə dedim, Mərkəzi Seçki Komissiyası ilin axırında formalaşmalı idi. Lakin 10 dairədə seçkilər keçirilməmişdi. Həmin dairələrdə seçkilər keçiriləndən sonra bütün azlıq təşkil eləyən partiyalardan (onlar Mərkəzi Seçki Komissiyasında iştirak eləməmişdilər) Milli Məclisə məktub daxil olub.
Seçki Məcəlləsinin 19.7 və 24-cü maddələrinə əsasən azlıq təşkil edən Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Ədalət Partiyasının təqdimatları nəzərə alınmışdır. Azərbaycan Respublikasının Milli Məclisi Akif Yaqub oğlu Qurbanovun, Almas Əlisultan qızı Qəhrəmanlının və Oqtay Ağəli oğlu Hümbətlinin Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədliyini təqdim etmişdir. Çıxışa yazılanlar varsa, buyursunlar. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Söz verdiyiniz üçün minnətdaram. Mən təklif elədim ki, məsələ müzakirədən çıxarılsın. Amma indi müzakirələrə başladıq.
Sədrlik edən. Sizin təklifdən qabaq gündəlik artıq təsdiq olunmuşdu. Xahiş edirəm, onu diqqətdən qaçırmayın.
Q. Həsənquliyev. Sonradan hansısa məsələnin əlavə olunması, yaxud çıxarılması ilə bağlı müzakirələr keçirilir.
Sədrlik edən. Gündəlik təsdiq olunandan sonra Siz söz aldınız. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli Sədr, mən ilk öncə hörmətli deputat yoldaşımız Sabir bəyin bayaq söylədiyi fikrə münasibət bildirmək istəyirəm. Sabir bəy qeyd elədi ki, guya biz onları gözləmədən MSK-nın formalaşdırılmasında iştirak eləmişik. Mən bütün millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, cənab Ziyafət Əsgərovun imzası ilə bizim partiyaya, o cümlədən digər partiyalara məktub daxil olmuşdu. Məktubda Mərkəzi Seçki Komissiyasının formalaşdırılması üçün öz namizədlərimizi təqdim etmək təklif olunurdu. Həmin məktuba müvafiq olaraq, biz də öz nümayəndəmizi təqdim eləmişdik. Amma sonradan məndə belə bir məlumat var idi ki, digər partiyalar MSK-nın formalaşdırılmasından imtina ediblər. Əgər Sabir bəy həmin dövrdə hesab edirdisə, biz yanlış olaraq MSK-nın formalaşdırılmasında iştirak edirik (yəni orada yetərsay olsun, MSK-nın iclasları baş tutsun), onda bizə müraciət eləyə bilərdi. Amma Sabir bəy şəxsən belə bir müraciət eləməyib ki, bizsiz MSK-nın formalaşdırılmasında iştirak eləməyin.
Mən bütün millət vəkillərinin qarşısında Sabir bəyə müraciət eləyirəm ki, o, ədalətli, obyektiv bir millət vəkili kimi, Seçki Məcəlləsinin 24-cü maddəsini oxusun. Orada görəcək ki, azlıqda qalan partiyaların nümayəndələri 6 namizədin müəyyənləşdirilməsində iştirak edirlər.
O vaxt mən və Asim Mollazadə bir nəfərin namizədliyini verdik və onun namizədliyini müdafiə elədik. O da söz verdi ki, bizim verdiyimiz namizədləri dairə seçki komissiyasına daxil edəcək. Çox təəssüf ki, xanım Cəfərova saxtakarlıq yolunu tutdu, bizim təqdim elədiyimiz namizədləri qırağa qoydu və özünün istədiyi adamları təqdim elədi. Düzdür, Seçki Məcəlləsinin 30-cu maddəsinə görə, onun buna səlahiyyəti var. Amma biz razılaşmışdıq ki, o bizim verdiyimiz namizədləri təqdim edəcək. Amma o, səlahiyyətlərindən istifadə elədi, özü müəyyənləşdirdiyi adamları bizim əvəzimizdən təqdim elədi. Ona görə də mən hesab edirəm ki, sözünün üstündə durmayan saxtakar bir adam bizim təmsilçimiz ola bilməz. Ümumiyyətlə, 6 yerin hər birinin müəyyənləşdirilməsində azlıqda qalan partiyalar iştirak eləməlidirlər. Hansı partiya iştirak eləmirsə, bu başqa məsələdir, özü bilər. Amma hansı partiyanın hüququ varsa, bu prosesdə iştirak eləmək istəyirsə, iştirak eləməlidir.
Mən yenə sual vermək istəyirəm. Bu necə ədalətli bölgüdür ki, 6 partiya 2 namizədi, 3 partiya isə 3 namizədi müəyyənləşdirir? Burada mən ədalət görmürəm. Mən hesab edirəm ki, biz öz aramızda razılığa gəlsəydik, 10 partiya, 12 partiya, tutaq ki, 6 nəfər namizəd verməlidir. Bizim partiya MSK-da təmsil olunmur, amma dairədə bizə üstünlük verilə bilərdi. Dairə seçki komissiyasının katibləri məsələsində hansısa partiyaya üstünlük verilə bilərdi. Amma indi partiyaların həll etməli olduğu məsələləri Milli Məclisin rəhbərliyi müəyyənləşdirib. Beləcə, 6 partiyaya 2 yer, 3 partiyanın hərəsinə bir namizəd müəyyənləşdirib. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyinin bu səlahiyyəti yoxdur. Qanunla ona belə bir səlahiyyət verilməyib. Bu səlahiyyət azlıqda qalan partiyalara verilib. Mənim də tələbim ondan ibarətdir ki, hamılıqla qanuna hörmət eləyək.
Sədrlik edən. Çox sağ olun. Siz özünüz dediniz ki, bir qərara gələ bilmədiniz. Mənim də gücüm çatmadı ki, bütün partiyaları bir yerə yığım və hamı bizim müraciətə cavab versin. Hətta ilk dəfə Mərkəzi Seçki Komissiyası formalaşanda biz sizə minnətdarlıq elədik ki, Mərkəzi Seçki Komissiyasının formalaşması üçün Siz belə qərar qəbul eləmisiniz.
Mən Sabir bəyə də dedim ki, burada söhbət müxalifətdən getmir. Sizin aranızda nə isə narazılıq olub. Asim Mollazadənin və ya Sizin verdiyiniz nümayəndənin məsələsini ayrılıqda həll eləmək olar. Siz hamınız məktub təqdim elədiyiniz halda, bu məsələni yenidən qaldırmağı düzgün saymıram. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, bayaq dediyiniz məsələ ilə bağlı Pənah bəy qol çəkdi, yerdə qalanların qabağında işarə qoyulub. Pənah bəy indi bizim koordinatorumuzdur, razılaşdırılmış qaydada imza atır və hamının fikrini ifadə edir. Gələn müraciətlərdə, yəqin ki, hamımızın imzası olacaq.
Müzakirə olunan məsələ ilə bağlı mövqeyimiz bəllidir. Mövqeyimizi parlamentin rəhbərliyinə bildirmişik. Eyni zamanda, mətbuatda da bu məsələyə münasibət bildirmişik. Həm Müsavat Partiyası kimi, həm də Müsavat deputat qrupunun üzvləri kimi məsələ ilə bağlı bizim mövqeyimiz ondan ibarətdir ki, təkcə Mərkəzi Seçki Komissiyasının tərkibi yox, ümumiyyətlə, Azərbaycanda mövcud olan seçki qanunu dəyişməlidir və ona əlavələr, dəyişikliklər olunmalıdır. Bunu bizə olan müraciətlərə cavabımızda da demişik. Hələ ötən ilin dekabrında bizə ünvanlanan müraciətə yazılı cavab vermişik. Sonradan şifahi şəkildə olan müraciətlərdə də həmin istəklər ifadə olunub. Biz də bunu partiyada müzakirə eləmişik və indiki halda Müsavat partiyasının Mərkəzi Seçki Komissiyasının formalaşmasında iştirakı məqsədəuyğun sayılmayıb. Biz hesab eləmişik ki, hələ seçkiyə xeyli vaxt var. 2008-ci il seçkilərinə qədər arada elə bir seçki yoxdur və o zamana qədər Azərbaycan parlamentində müzakirə olunan bu məsələ diqqətlə araşdırılmalıdır. Seçki qanununa olan əlavə və dəyişikliklər nəzərə alınmalıdır. Çünki biz ötən dəfə səsləndirdik və dedik ki, bununla bağlı artıq bizim qanun layihəmiz hazırdır və Sizə təqdim edilib. Ondan sonrakı dövrdə nə beynəlxalq ictimaiyyətin, nə Venesiya Komissiyasının, nə Azərbaycanın demokratik qüvvələrinin, nə də Azərbaycanın real müxalifətinin iradlarını nəzərə almadan hakimiyyətin yenidən öz fikrində israr eləməsi və Mərkəzi Seçki Komissiyasının köhnə qaydada formalaşdırılması Azərbaycanda olan reallığı əks etdirmir.
İndiyə qədər Mərkəzi Seçki Komissiyası Azərbaycanda olan seçkilərin əksəriyyətinin saxtalaşdırılması ilə məşğul olub. Hesab edirik ki, xalq qarşısında da, ictimaiyyət qarşısında da öz etimadını itirib. Ona görə də biz bu gün formalaşan Mərkəzi Seçki Komissiyasında iştirak eləməmişik. Hesab edirik ki, bu məsələ geri qaytarılmalıdır. Real müxalif güclərlə, eyni zamanda, demokratik düşərgə ilə, beynəlxalq birliyin nümayəndələri ilə bu məsələlər müzakirə olunmalı və mövcud qanunlara dəyişikliklər edilməlidir. Ondan sonra təkcə Mərkəzi Seçki Komissiyası yox, bütün seçki komissiyalarının da dəyişdirilməsi, paritet əsaslarla formalaşdırılması və xalqın gerçək fikrinin təsbit olunması nəzərə alınmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sözünüzdən belə çıxır ki, bu məsələni beynəlxalq qüvvələr və müxalifət qüvvələri həll eləməlidir? Sizin koordinator bu saat fikir söylədi ki, seçki komissiyasında iştirak eləmək üçün müraciət olunmayıb. Amma Siz tərsini dediniz. Bu söhbətləri Sizinlə də eləmişik, Müsavat Partiyasına və digər adı çəkilən partiyalara müraciətimiz də olub. Bu söhbətləri eləməyə lüzum bilmirdim. Siz millət vəkilisiniz. Amma partiyaların seçki komissiyasında iştirak eləyib-eləməməyi öz işidir. İştirak eləməmisiniz, çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Oqtay müəllim, təşəkkür edirəm. Mən bu müzakirədə iştirak eləməyəcəyəm. Sadəcə, iki sualım var. Bunu elə 1991-ci ildən bu yana soruşuram, amma doğru-dürüst cavab ala bilmirəm. Yəni müzakirə olunan məsələ ilə bağlıdır. 1920-ci ildə Mərkəzi Seçki Komissiyasının təşkili haqda bir qanun var. Bir halda ki Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir, niyə o qanundan istifadə olunmasın? Yəni orada prinsip nə idi? Seçkidə iştirak eləyən hər partiya bir nümayəndə verir. Burada da bir məntiq var. Azərbaycan şəraitində bir ailəni, yaxud bir partiyanı təmsil eləyən iki və ikidən artıq adamın obyektiv olmasına həmişə şübhə yaranır. Bunu hadisələr də göstərir. Prinsip etibarı ilə, niyə hər partiyadan bir nəfər təmsil olunmasın? İndi deyəcəklər ki, 40-dan çox qeydiyyata alınmış partiya var. Orada da seçim eləmək olar: Milli Məclisdə təmsil olunan və təmsil olunmayan partiyalar. Təxminən eyni rəqəm çıxır.
İkinci sualım odur ki, baxın, siyasi ədəbiyyatda, yaxud politoloji ədəbiyyatda bir var hakim partiya, bir də var müxalif partiya. Milli Məclisin təcrübəsindən, ümumiyyətlə, “müxalif partiya” sözü çıxarılıb. Niyə? Bu, normal politoloji termindir. Azlıq təşkil eləyən, azlıqda qalan partiya qurama bir termindir. Əgər məsələyə elmi yanaşırıqsa, bu cür də olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Elmi yox, faktiki yanaşırıq. Burada azlıq təşkil eləyən partiyalar var. Mən faktı deyirəm. Fazil Mustafayev.
F. Mustafayev. Mən qısaca bir məsələyə toxunmaq istəyirəm. Hörmətli Sədr, bəlkə də məsələ bugünkü iclasda müzakirə olunmamışdan öncə azlıq təşkil eləyən partiyalar Sizin tərəfinizdən dəvət olunsaydı, Sizin bəzi arqumentlərinizi biz də normal qəbul edəcəydik və müzakirələr bu qədər genişlənməyəcəkdi. Qərar qəbul olunandan sonra bizim hər hansı bir şəkildə müzakirə aparmağımızın da mənası qalmır. Amma mən sırf partiya marağından çıxış edərək düşünürəm ki, Böyük Quruluş Partiyasının bir yerinin Mərkəzi Seçki Komissiyasında öz adı ilə olması vacib idi. Əgər indi bu formada qəbul olunursa, bu, ədalətsiz olacaqdır. Hər halda heç olmasa hansı partiyalar MSK-da təmsil olunursa, onların dairə və məntəqə seçki komissiyalarında maraqlarının təmin olunması istiqamətində Sizin tərəfinizdən müəyyən addımlar atılmalıdır. Ən azı belə çıxmasın ki, Azərbaycanda 3-5 partiyanın xüsusi hörməti var, qalan partiyalara hörmət qoyulmur və onlara ümumi çərçivənin içində yer verilir. Mən bunu diqqətinizə çatdırmaq istəyirdim. Sağ olun.
Sədrlik edən. Amma mən Sizi əmin eləmək istəyirəm ki, bu belə deyil. Hər partiyanın, hər millət vəkilinin öz yeri var. Məsələni ayrıca oturub araşdıra bilərik. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Bizim münasibətimiz təkcə siyasi deyil, məsələnin faktiki tərəfi ilə bağlıdır. Sonuncu seçkidə 300 mindən çox səs almış “Azadlıq” blokuna daxil olan siyasi partiyalar Mərkəzi Seçki Komissiyasında bir nəfərlə də təmsil edilmir. Əsas ədalətsizlik bununla bağlıdır.
Bir daha qeyd edim ki, 520 min səs almış Yeni Azərbaycan Partiyasını 6 üzv təmsil edir. Mən ancaq Mərkəzi Seçki Komissiyasının elan elədiyi rəsmi rəqəmləri səsləndirirəm. Bilirsiniz ki, bizim fikrimiz ayrıdır. Bu işin birinci tərəfi. Aydın məsələdir ki, heç bir halda həmin 322 min səs almış siyasi partiyaların təmsil olunmadığı Mərkəzi Seçki Komissiyası Azərbaycan vətəndaşlarının ümumi etimadını qazana bilməz. Bu, ikinci məsələdir və bizim mövqeyimizi müəyyənləşdirir. Bu baxımdan tam əsasla deyirik ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan müxalifətinin iştirakı olmadan formalaşdırılır. Şübhəsiz ki, o, ölkədəki siyasi qüvvələr balansını əks etdirmir və əks etdirə də bilməz. Bu, işin faktiki tərəfi barədə mənim söylədiklərimdir.
Konkret olaraq Xalq Partiyası ilə bağlı mənim müraciətim olub. Mən digər partiyalara qarşı burada hansısa qeyd, irad demək istəmirəm. Kim özünü müxalifət hesab edirsə, mənim üçün fərqi yoxdur. Onsuz da xalq, cəmiyyət kimin müxalifətçi, kimin demokrat olub-olmamasını yaxşı bilir. Amma məni maraqlandıran odur ki, bu ilin əvvəlindən etibarən hörmətli Milli Məclisin Aparatına rəsmən müraciət eləmişəm, müvafiq sənədləri vermişəm və Milli Məclisdə Xalq Partiyasının nümayəndəsi kimi iştirak elədiyimi bildirmişdim. Çünki mən “Azadlıq” blokunun rəsmi siyahısında getmişəm, Xalq Partiyasının üzvüyəm, onun sədriyəm və təsisçisi olmuşam. Mən bunu belə qiymətləndirirəm ki, digər partiyalara, o cümlədən təkrar seçkilərdə iştirak etdikdən sonra yer almış partiyaya müraciət olunursa, belə bir müraciət Xalq Partiyasına da olunmalı idi. Çünki bizim müvafiq sənədlərimiz Milli Məclisin Aparatında var.
Mən belə fikirləşirəm ki, Xalq Partiyasının nümayəndəsi burada ardıcıl müxalif kurs götürdüyünə görə hətta onun müraciət eləməsinə baxmayaraq, ona belə bir məktub və hər hansı münasibət bildirilməmişdir. Bu onu göstərir ki, qismən də olsa, mənim kimi müxalifətin burada təmsil olunmasından ehtiyatlanırlar.
Sonda, əlbəttə, bu məsələlər gəldi-gedərdi, belə komissiyaları çox görmüşük. Bu komissiyaların yaradılması dəyirmanda çax-çaxın baş ağrıtması kimi bir şeydir. Mən hesab edirəm ki, bu elə də prinsipial əhəmiyyətə malik deyil. Açığı, hamımız bilirik ki, prinsipial məsələ həll olunmur. Amma hər halda dediklərimi ifadə eləməyi lazım bildim. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, çox ehtiyatlanırıq, Pənah bəy. Bilsəydim, mən əvvəldən ehtiyatlı olduğumu bildirərdim. Sizin nümayəndə iştirak eləmir. Belə çıxışlar üçün özünüz şərait yaratmısınız ki, Müsavat Partiyası imtina edib. Amma Müsavat Partiyası çox böyük bir səylə Mərkəzi Seçki Komissiyasında iştirak eləmək istəyirdi.
Xahiş edirəm, bu məsələni çox xırdalamayaq. Sözün düzü, mən məktub görməmişəm. Sizin çıxışınıza cavab verdim. Müraciətiniz varsa, baxılar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən deyirəm ki, Siz də Müsavat Partiyasındansınız. Çünki həmişə bir yerdə çıxış edirdiniz. O mənim səhvimdir və boynuma alıram. Xahiş edirəm, yerinizdən danışmayın. Əli Əhmədov, buyurun.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən belə hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasına bu gün biz münasibətimizi bildirməliyik. Çünki Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tam tərkibdə fəaliyyətə başlamalıdır. Bu məsələ nə qədər uzanırsa, bununla əlaqədar lazım olmayan və reallığı əks elətdirməyən söz-söhbətlər aparılır.
Mən burada çox təəssüflə bildirmək istəyirəm ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyətini, Azərbaycanda keçirilən seçkilərin mahiyyətini və reallığı əks etdirməyən məsuliyyətsiz bəyanatlar səsləndi. Hansısa partiyanın seçkilərin nəticələrindən razı olmaması seçkilərin obyektivliyinə dəlalət etmir, yaxud seçki komissiyalarının fəaliyyətinin üzərinə kölgə salmağa əsas vermir. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası və seçki dairələri səmərəli fəaliyyət göstərir. Seçkinin nəticələri kimlərisə, hansısa siyasi partiyaları təmin etmirsə, onun günahı nə seçki komissiyalarında, nə Mərkəzi Seçki Komissiyasında, nə də dairə seçki komissiyalarındadır. Müxalifət partiyaları seçkilərdə nəticələrini yüksəltmək haqqında düşünürlərsə, bunun digər üsullarını tapsınlar. Yəni insanlar arasında, xalq arasında etimadlarını qaldırmaq üçün yollar fikirləşsinlər. Seçki komissiyalarının fəaliyyətinə kölgə salmasınlar.
Mən bir məsələni də bildirmək istəyirəm. Seçki komissiyalarının siyasi partiyaların təmsilçiləri ilə təmin olunması bütövlükdə seçki administrasiyasının formalaşmasının heç də ən yaxşı üsulu deyil. Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması prosesində hamımızın bu gün də müşahidə elədiyimiz xoşa gəlməyən proseslər göstərir ki, həmin komissiyalar siyasi partiyaların təmsilçilərindən təşkil olunanda çox ciddi nöqsanlar, çətinliklər ortaya çıxır. Bu gün aparılan müzakirələrdə də müşahidə edirik ki, bir sıra siyasi partiyalar seçki komissiyalarından təmsilçilərinə bitərəf üzvlər kimi yox, sözün həqiqi mənasında, siyasi partiyaların nümayəndələri kimi yanaşırlar. Belə olan halda komissiya üzvlərinin seçkilərə və seçkilərin nəticələrinə ədalətli münasibət bildirməsi çətin olur. Digər tərəfdən seçki komissiyalarının yalnız siyasi partiyaların təmsilçilərindən təşkil olunması, hesab edirəm ki, çox ciddi ədalətsizliyə gətirib çıxarır.
Ötən il keçirilən parlament seçkilərində namizəd qismində iştirak edənlərin 500 nəfəri siyasi partiyaların təmsilçiləri olduğu halda, 1500 nəfərdən çox namizəd heç bir siyasi partiyanın üzvü deyildi. Təsəvvür edin ki, seçki komissiyalarını aşağıdan yuxarı, yuxarıdan aşağı yalnız siyasi partiyaların təmsilçilərindən formalaşdırırıq. Belə olan halda seçkilərdə iştirak edən və çoxluğu təşkil edən, amma heç bir siyasi partiyada təmsil olunmayan namizədlərin mənafelərinin müdafiəçisi qismində kimlər çıxış etməlidir? Beləliklə, mən hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının bu şəkildə formalaşması, yəni həm çoxluğu təşkil edən partiyaların, həm seçkilər nəticəsində azlığı təşkil edən partiyaların təmsilçiləri tərəfindən, həm də çoxluğu təşkil edən və heç bir siyasi partiyalarda təmsil olunmayan müstəqil namizədlərin təmsilçiləri tərəfindən formalaşması kifayət qədər ədalətlidir. Üstəlik seçki komissiyalarının səmərəli şəkildə fəaliyyət göstərməsini təmin edən bir format olduğuna görə bunu saxlamalıyıq.
Biz imkan verməməliyik ki, Azərbaycanın seçki komissiyaları ayrı-ayrı beynəlxalq qurumların və təşkilatların irəliyə sürdüyü təkliflər nəticəsində eksperiment bazasına və eksperiment meydanına çevrilsin. İstənilən halda Azərbaycanda keçirilən seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir. İstənilən halda Azərbaycanda keçirilən seçkilərin nəticəsi Azərbaycanın taleyinə təsir göstərir. Digər təşkilatlar, sadəcə olaraq, bu prosesi müşahidə edirlər. Ona görə də biz bu gün, yəqin ki, lazım olan qərarı qəbul edəcəyik. Hesab edirəm ki, bütün təşkilatların məsələyə münasibəti də hər şeydən əvvəl Azərbaycan xalqının və dövlətinin maraqları kontekstində özünün ifadəsini tapmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən də bu müzakirəyə qoşulmaq istəmirdim. Lakin diskussiyaların gedişi məni vadar etdi ki, mən də bir neçə sözlə fikrimi ifadə edim.
Hər şeydən əvvəl xatırlayırsınızsa, Mərkəzi Seçki Komissiyasının formalaşması zərurəti ortaya çıxanda bir neçə partiya yığışdı və belə qərara gəldi ki, Mərkəzi Seçki Komissiyası formalaşmalıdır. Çünki boş olan yerlər var idi. Təkrar seçkilər keçirilməli idi və Milli Məclis bütövlükdə 125 deputatla formalaşmalı idi. Buna görə də Azərbaycan dövlətinin maraqlarını nəzərə alaraq, biz bu addımı atdıq. İndi bu addım düzdür, səhvdir, buna hər kəs öz prizmasından yanaşa bilər. Deyək ki, mən həmin addımı atmağıma peşman deyiləm. Məlumdur ki, Ana Vətən Partiyası bu gün iki millət vəkili ilə təmsil olunur. Bir millət vəkilinə nisbətən bizim Mərkəzi Seçki Komissiyasında təmsil olunmağa daha çox haqqımız çatır. Ancaq bu qalıb keçmişdə. Əgər bu gün ayrı-ayrı partiyalar özlərinin nümayəndələri ilə təmsil olunursa, Allah onlara uğur versin. Lakin təmsil olunan partiyalar siyasi oyunbazlığa son qoysunlar. Mərkəzi Seçki Komissiyasından siyasi diskussiya və hakimiyyətə qarşı təsir vasitəsi kimi istifadə etməsinlər.
Mən sual verirəm. Yəqin ki, hörmətli opponentlərimiz bu arqumentin qabağında söz tapa bilməyəcəklər. Hörmətli Pənah Hüseyn, hörmətli Arzu Səmədbəyli və başqaları, siz parlamentə seçilərkən sizin Mərkəzi Seçki Komissiyasında, dairə seçki komissiyalarında təmsilçiniz var idimi? Siz həmin təmsilçiyə görəmi deputat seçildiniz? Yox. Təbii ki, sizə səs verən Azərbaycan xalqı oldu və beləliklə, parlamentə seçildiniz. Ona görə də Mərkəzi Seçki Komissiyasının və komissiya üzvlərinin bu və ya digər siyasi partiyanın iradəsindən asılı olmasına son qoymaq lazımdır.
Hörmətli Sədr, mənim fikrim nədən ibarətdir? Düşünürəm ki, gələcəkdə bəlkə də biz Mərkəzi Seçki Komissiyasını siyasi partiyalar olmadan təkmilləşdirməliyik. Orada ancaq bitərəflər, heç bir siyasi quruma daxil olmayan insanlar təmsil olunmalıdır. Bəlkə bu daha ədalətlidir. Çünki siyasi partiyanın təmsilçisi istər-istəməz mənsub olduğu partiyanın maraqlarını müdafiə edir. Bu maraqlar da möhtəkirliyə, təftişə gətirib çıxarır. Baxın, ötən parlament seçkilərində və Prezident seçkilərində partiya seçkilərin nəticələrini qəbul edir, ancaq onun təmsilçisi Mərkəzi Seçki Komissiyasında bunu eləmir və ya əksinə. Bu da cəmiyyətdə anlaşılmazlıq yaradır. Ona görə də mən hörmətli həmkarlarımın, bu gün müxalifətdə duran bir sıra deputatların fikri ilə bir Azərbaycanlı olaraq, bir millət vəkili olaraq razılaşmıram. Gəlin, elə edək ki, Azərbaycan xalqının iradəsini nə Mərkəzi Seçki Komissiyasına, nə məntəqə, nə də dairə seçki komissiyasına həvalə etmək haqqında düşünməyək. Səlahiyyət millətindir. Millət də kimi seçməyi daha yaxşı bilir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış eləməyə təkid eləyən yoxdur ki? Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir neçə kəlmə ilə mən də öz fikrimi demək istəyirəm. Burada Nəsib Nəsibli və Pənah Hüseyn belə bir fikir işlətdilər ki, bu gün Azərbaycanda MSK müxalifətin nümayəndələri olmadan formalaşır. Bilirsiniz, siz eyni düşərgədəsiniz. Mən istərdim ki, heç olmasa, bir-birinizə hörmət eləyəsiniz. Məgər İlyas İsmayılov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə müxalifətin nümayəndələri deyil? Siz yalnız özünüzü müxalifət görürsünüz. Siz bir nəfərdən ibarətsiniz və mən bildiyimə görə partiyanızda özünüzdən başqa heç kim yoxdur. Siz müxalifət ola bilərsiniz, amma digər müxalifət partiyaları müxalifət hesab olunmur?!
Sonra, Nəsib Nəsibli burada 1920-ci ildə qəbul olunmuş MSK haqqında qanunla bağlı məsələ qaldırdı. Əgər ona qanun demək mümkündürsə. Xahiş edirəm, onu bir də oxuyun. O qanunun strukturu da, prinsipləri də tamam başqadır. Bizim bu gün qəbul etdiyimiz və istifadə elədiyimiz Seçki Məcəlləsinə uyğun gəlməyən bir qanundur. Ona görə də onun bu gün tətbiq edilməsi qətiyyən düzgün deyil.
Burada fikir səsləndi ki, paritet əsaslarla. Ümumiyyətlə, mən xahiş edirəm, paritet əsaslar məsələsini birdəfəlik arxivə atın. Nəyə görə? Əgər ədalət baxımından yanaşsanız, bu gün Yeni Azərbaycan Partiyası parlamentdə 76 deputatla təmsil olunur. Bütövlükdə müxalifətin təmsil olunmasından dəfələrlə çoxdur. Ədalət prinsipi deyirsinizsə, o, Yeni Azərbaycan Partiyasının tərəfindədir. Ümumiyyətlə, əlli-əlliyə prinsipi müxalifətin cığallığına görə Azərbaycan şəraitində özünü doğrultmadı.
Mən altı il bundan əvvəlki vəziyyəti yadınıza salmaq istəyirəm. 2000-ci ildə parlamentə seçkilər keçirilən zaman biz bu paritetə getdik. Mənim çox yaxşı yadımdadır. O vaxt Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyev güzəştə getdi, əlli-əlliyə prinsipi əsas götürüldü. Komissiya yığışıb, müxalifət isə gəlmir. Prosessual müddətlər bizi sıxıb, müəyyən hərəkətlər getməlidir. Seçki artıq təyin olunub, namizədlərin irəli sürülməsi, dairələrin yaradılması lazımdır. Müxalifət isə gəlmir. Niyə gəlmirsiniz? Sizə də bu lazımdır ki, Azərbaycan iqtidarı iflic vəziyyətə düşsün. Sonra müxalifət dünyaya bəyan eləsin ki, görürsünüz, Azərbaycan iqtidarı seçki keçirə bilmir.
O vaxt Heydər Əliyev müxalifətdə olan partiyaların başçılarına müraciət elədi. Mənim çox yaxşı yadımdadır. Buyurun, gəlin, amma onlar gəlmədilər. Jerar Ştudmanın da müraciəti oldu. Gəlmədilər. Nəhayət, biz məcbur olduq ki, üçdə iki prinsipinə keçək. İndi siz istəyirsiniz ki, biz təzədən paritetə qayıdaq. Biz bu səhvi görmüşük. Belə olan bir vəziyyətdə təzədən paritet arzusu ilə yaşamaq gülüncdür. Buna hansı dövlət gedər? Xüsusi ilə də siz özünüzü artıq bu məsələdə sübut elədiniz. Özünüz cığallıq edirsiniz, oyunu pozursunuz. Sonra deyirsiniz, gəlin, bir də qayıdaq. Ona görə də belə şeylər baş tutmayacaq. Hesab edirəm ki, bizim bugünkü Seçki Məcəlləmiz Azərbaycan reallığına uyğundur və həmin məcəllənin maddələrinə uyğun olaraq, biz Seçki Komissiyasını təşkil edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu məsələni biz çox uzatdıq. Hamı eyni fikirləri deyir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 87
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Saat 4-ə kimi fasilə elan edirik.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, əyləşin. Gündəliyin dördüncü məsələsi “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədədir. Bu məsələyə dörd komissiyanın iclasında baxılıb. Aparıcı komissiyanın – Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, qeyd olunan Saziş 2005-ci ilin avqust ayında Kazan şəhərində MDB birliyinə daxil olan 12 dövlətin başçıları tərəfindən imzalanmışdır. İndi də Prezident tərəfindən imzalanaraq Milli Məclisə təsdiq olunmaq üçün göndərilmişdir. Öncə qeyd eləyim ki, sözü gedən sənəd Elm və təhsil məsələləri daimi komissiyasında müzakirə olunub və müsbət rəylə təsdiq olunmaq üçün Milli Məclisə tövsiyə olunmuşdur.
Saziş mahiyyət etibarı ilə çox aktual, çox vacib bir məsələni özündə əks etdirir. Söhbət hər şeydən əvvəl humanitar sahədə inteqrasiya proseslərinin, yəni bu birlikdə iştirak eləyən ölkələr arasında inteqrasiya prosesinin dərinləşməsindən, genişlənməsindən, daha konkret desək, vahid humanitar məkanın yaradılmasından gedir. Sazişin əhatə dairəsi olduqca genişdir.
Demək olar ki, humanitar sahəyə daxil olan bütün məsələləri özündə ehtiva edir. Bu sahələr əsasən elm və təhsili, mədəniyyəti, informasiya və informasiya texnologiyalarını, idmanı, turizm sahəsini, eləcə də gənclər hərəkatını və digər məsələləri özündə əks etdirir. Həmin Sazişi 4 ölkənin rəhbəri, o cümlədən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi qeyd ilə imzalayıb. Bu qeyd əsas etibarı ilə sənədin 3 maddəsinə şamil edilir. Bunlar 3-cü maddənin 4-cü və 5-ci abzaslarını nəzərdə tutur. Həmin maddələrdə birliyə daxil olan ölkələrin birgə universitetlərinin yaradılmasından, təhsil standartlarının və planlarının unifikasiyasından, elm və texnika sahəsində birgə layihələrin həyata keçirilməsindən söhbət gedir. 5-ci maddədə vahid informasiya məkanın yaradılmasından danışılır. Nəhayət, 10-cu maddədə humanitar sahədə əməkdaşlıq şurasının yaradılmasından söhbət gedir.
Cənab Prezident tərəfindən edilən qeyd ondan ibarətdir ki, bu sahədə əməkdaşlıq Ermənistana şamil edilə bilməz. Daha doğrusu, götürülən öhdəliklər Ermənistanla münasibətlərə aid edilə bilməz. Bu da təbiidir. Bizə düşmən mövqeyində dayanan, torpaqlarımızın 20 faizini işğal altında saxlayan bir ölkə ilə bu sahədə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Ona görə də biz bu Sazişi dəstəkləyirik, müsbət qiymətləndiririk və hörmətli həmkarlarımdan da xahiş edirəm ki, sənədə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Üç komissiya sədri var. Çıxış eləmək istəyirsinizmi? Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Oqtay müəllim, çox sağ olun. Şəmsəddin müəllim sənədin texnologiyası və məzmunu ilə bağlı məlumat verdi. Mən niyə danışmağa ehtiyac hiss elədim? Bu Saziş, ümumiyyətlə, Azərbaycanda mədəniyyət və təhsil siyasətinin yürüdülməsində əhəmiyyətlidir.
Biz yaxşı bilirik ki, Müstəqil Dövlətlər Birliyi vahid məkanda daha humanist şəkildə, daha müasir və sivil formalarda birləşməyin təcrübəsini vermək istəyir. Əslində bu proses gedir və bizim üçün xüsusi mahiyyət kəsb edir. Bir vaxtlar Rusiya dövlətinin başçılarından biri demişdir ki, Müstəqil Dövlətlər Birliyi birləşmək üçün yox, mədəni və sivil şəkildə ayrılmaq üçün yaranıb. Yəni bu məqam həmişə nəzərə alınmalıdır.
İkincisi, nəzərə alınmalıdır ki, bizim Rusiya ilə də, Ukrayna ilə də, Belarus ilə də və əlavə olaraq, türk respublikaları ilə də əlaqələrimizin olması vacib məsələdir. Çox zaman biz MDB məkanına yalnız Sovetlər Birliyinin varisi kimi baxırıq. Yəni çox vaxt formal və üzdən. Amma əslində məsələ çox mürəkkəb və dərindir. Biz həmin əlaqələri ən azı türk xalqları, türk dövlətləri səviyyəsində saxlamalıyıq. Rusiya Federasiyasının tərkibində mədəniyyəti genetik baxımdan bizimlə eyni olan və gələcəyi də eyni olacaq etnik-mədəni məkanlar var. Onlarla türk xalqları var ki, onların müstəqilliyi yoxdur və Rusiyanın tərkibində çıxış eləyirlər. Bu halda da mədəniyyət hadisələri, deyək ki, kitabxanaların qarşılıqlı əlaqələrindən tutmuş muzey əlaqələrinə, mədəniyyət tədbirlərinin, festivallarının keçirilməsinə qədər bizim üçün tarixi əhəmiyyət daşıyacaq məqamlar var. Ona görə də tarixi ehtiyacla yanaşı, həm də kifayət qədər mütərəqqi bir hadisədir.
Mən istərdim ki, biz bu Sazişə qoşulmaqla yanaşı, həm də bu Sazişdən özümüz üçün, Azərbaycanın mədəniyyət, elm, texnologiya, informasiya siyasətini həyata keçirmək üçün kifayət qədər normal səviyyədə enerji ilə istifadə edə bilək. Bu da təsadüfi deyildir ki, son zamanlar Azərbaycanda Rusiya ili keçirildi və Rusiya ilinin kifayət qədər vacib tədbir olduğunu gördük. Yəni buraya təkcə rus yazıçıları yox, həm də rus dilli yazıçılar gəldilər. Azərbaycan yenidən onların maraq dairəsinə daxil oldu. Çingiz Aytmatov, Oljas Süleymenov, Muxtar Şaxanov və başqaları. Bunların hamısı bizim üçün vacib məsələlərdir. Ona görə də biz bu Sazişi formal müqavilə kimi yox, çox ciddi bir sənəd kimi qəbul eləməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif olundu ki, münasibətinizi bildirəsiniz. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 81
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında dəyişikliklər edilməsi barədədir. Layihə Sosial siyasət daimi komissiyasında və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında müzakirə olunmuşdur. Buyurun, Hadi müəllim.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 1993-cü il mayın 29-da “Ölkələrarası övladlığa götürməklə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiya qəbul olunmuşdur. Bu sənəd 2004-cü il martın 30-da möhtərəm Prezidentin imzası ilə parlamentə daxil olmuşdur və biz bunu qəbul etmişdik. Həmin sənəddə əsas məqsəd Azərbaycanda övladlığa verilən uşaqların müdafiəsinin gücləndirilməsi idi. Biz həmin Konvensiyaya qoşularkən Azərbaycan hökuməti 5 maddə ilə bağlı bəyanat vermişdi. Bu maddələrin ikisi bilavasitə əlaqələndirməklə bağlı idi. Həmin bəyanatın birinci maddəsinə görə, Ədliyyə Nazirliyi mərkəzi orqan kimi müəyyənləşdirilmişdir. Həmçinin 4-cü maddəyə görə, Ədliyyə Nazirliyi səlahiyyətli orqan kimi müəyyənləşdirilmişdi. Bu sənədin meydana çıxmasına səbəb odur ki, həmin əlaqələndirmə bilavasitə Qanundan çıxarılsın, birbaşa Prezidentin səlahiyyətlərinə verilsin və sonradan daha çevik sərəncamlarla, fərmanlarla tənzimlənsin. Yəni lazım olarsa, bu səlahiyyətlər Ədliyyə Nazirliyinə yox, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə, Təhsil Nazirliyinə və ya digər strukturlara verilsin. Bütövlükdə bu məqbuldur və lazımlı sənəddir. Mən hesab edirəm ki, buna səs vermək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hadi müəllim məsələni ətraflı qeyd elədi. Doğrudan da, bu məsələ bizim üçün çox vacib və əhəmiyyətlidir, habelə Qanunun icrasında bir çeviklik yaradır. Bu isə beynəlxalq nöqteyi-nəzərdən qanunların və sazişlərin işlək olması üçün çox müsbət bir haldır. Komissiya yekdilliklə bunun lehinə səs verib və millət vəkillərindən bunun qəbul olunmasını xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü Cavid Qurbanov məlumat verəcəklər. Əli müəllim, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Siz qeyd etdiyiniz kimi, cənab Prezident tərəfindən Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, daha dəqiq desək, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi təklif olunur. Qısaca olaraq, təqdimat baxımından onu deyə bilərəm ki, bu əlavə və dəyişikliklər qaz, elektrik və istilik enerjisinin talanması və qanunsuz istifadəsi ilə bağlı meydana çıxan problemlərin həllinə yönəlmişdir.
Ümumiyyətlə, son dövrlər kommunal sahədə nizam-intizamın gücləndirilməsi istiqamətində siyasət həyata keçirilir. Dövlətimizin məqsədi ondan ibarətdir ki, əhali qaz, işıq, istilik enerjisi ilə normal təmin olunsun. Bu sahələrdə sayğaclaşdırma prosesi həyata keçirilir. Eyni zamanda, vətəndaşlardan enerji haqlarını vaxtında ödəmək tələb olunur. Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklər məhkəmə əmrləri ilə bağlıdır. Düşünürəm ki, burada mübahisəli bir məsələ olmaz.
Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklər Cinayət Məcəlləsinə edilən dəyişikliklərin aidiyyəti məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinə olunan dəyişikliklər ilk növbədə qazın, elektrik və ya istilik enerjisinin talanmasına və onlardan məişətdə istifadə edilməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir. Bu məsuliyyət fiziki, hüquqi və vəzifəli şəxslər üçün bizim İnzibati Xətalar Məcəlləsində müəyyən hədd çərçivəsindədir. Maksimum hədd İnzibati Xətalar Məcəlləsində şərti maliyyə vahidinin 300 mislinə bərabərdir. Amma Cinayət Məcəlləsinə edilən 189.1-ci əlavə bu məsələyə yanaşmanı prinsipial şəkildə dəyişdirir. “İqtisadi sahədə cinayətlər” bölməsinə yeni bir maddə əlavə olunur. Bəri başdan demək istəyirəm ki, bu maddəni mahiyyət baxımından iki hissəyə bölmək olar. 189.1-ci maddənin 1-ci, 2-ci, 3-cü bölməsi vətəndaşlar tərəfindən talama və qanunsuz istifadəyə görə onların məsuliyyətini nəzərdə tutur. 189.1.4-cü və 1.5-ci bölmələrdə isə vəzifəli şəxs olmayan səlahiyyətli nümayəndələr tərəfindən verilən, həyata keçirilən qanun pozuntularının qarşısının alınmasına görə məsuliyyət nəzərdə tutulur. Daha doğrusu, laqeyd münasibət, xidməti mövqedən sui-istifadə, şəxsi maraq üzündən həyata keçirilən qanun pozuntuları.
“Vəzifəsi olmayan səlahiyyətli nümayəndə” deyəndə konkret olaraq söhbət müfəttişlərdən gedir. Cinayət Məcəlləsinə edilən bu əlavə hər iki tərəf üçün, yəni həm vətəndaş üçün, həm də müfəttiş üçün məsuliyyət növünü müəyyən edir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, müzakirələr zamanı bizim təkliflərimiz oldu ki, Cinayət Məcəlləsinə edilən bu əlavəni, yəni qanun pozuntusuna görə cinayət məsuliyyətinin tətbiq olunmasını, ilk növbədə xəbərdarlıq və çəkindirici bir element kimi qəbul edək. Çünki Cinayət Məcəlləsinin vəzifəsi həm də cinayətdən çəkindirməkdir.
Bu baxımdan hesab edirəm ki, Cinayət Məcəlləsinə edilən əlavənin “Qeyd” hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orada göstərilir ki, Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllərə görə məsuliyyət şərti maliyyə vahidinin 300 mislindən 1000 mislinədək ziyan vurulduqda yaranır. Yəni burada konkret hal göstərilib. Amma Qeydin 2-ci hissəsi bundan daha vacibdir. Burada qeyd olunur ki, əgər vətəndaş bu əməli ilk dəfə törədibsə, habelə cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəyibsə, bu zaman o, cinayət məsuliyyətindən azad olunur. Yəni vətəndaş tərəfindən şərti maliyyə vahidinin min, iki min misli məbləğində vurulan ziyan ödənilibsə, ilk dəfə həmin şəxs cinayət məsuliyyətindən azad olunur. Hesab edirəm ki, bu Qeyd bir daha onu göstərir ki, burada məqsəd insanları bu cür əməldən çəkindirməkdir, cəzalandırmaq deyil.
Bununla yanaşı, hesab edirdik ki, 189.1-ci maddənin 1-ci, 2-ci, 3-cü hissələri, yəni vətəndaşlara aid olan sanksiyalar çox ağırdır. Bu barədə, cənab Sədr, Sizinlə də məsləhətləşmişdik. Dünən “Azərenerji”, “Azəriqaz” səhmdar cəmiyyətlərinin hüquqşünasları ilə, rəhbərləri ilə müəyyən danışıqlar apardıq. Qanunvericilik təşəbbüsünün subyektinə də məsələ məruzə olundu. Belə qərara gəldik ki, üç bənddəki sanksiyaları bir qədər yüngülləşdirmək mümkündür. Bu barədə də millət vəkillərinə məlumat verməliyəm.
Bütövlükdə hesab edirəm ki, belə bir qanun layihəsinin qəbul edilməsi vacibdir. Eyni zamanda, bir daha xüsusi vurğulamaq istəyirəm ki, burada məqsəd həm vətəndaşları, həm də müfəttişləri bu sahədə nizam-intizama dəvət etməkdir. Düşünürəm ki, əhali arasında da bu qanun qəbul edildikdən sonra müəyyən işlər aparmağa ehtiyac var. Bütövlükdə dediyim sanksiyaları yüngülləşdirmək şərti ilə bu qanun layihəsinin qəbul olunmasını xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cavid Qurbanov, buyurun.
C. Qurbanov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü.
Çox sağ olun, cənab Sədr. Bizim komissiyada da bu qanun layihəsi müzakirə olunub. Ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar enerjidən, sudan və qazdan, bir sözlə, dövlətin təbii sərvətlərindən daha səmərəli istifadə etmək üçün, habelə talançılığın qarşısını almaq üçün bu layihə mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ilə yanaşı, həmin əlavə və dəyişikliklər bizim komissiyanın da 9 dekabr tarixli iclasında müzakirə olundu, ətrafli fikir mübadiləsi apardıq və layihəni Milli Məclisin müzakirəsinə tövsiyə etməyi qərara aldıq. Hər iki daimi komissiyanın ətraflı müzakirə etdiyi bu vacib qanun layihəsinin həmkarlarım tərəfindən qəbul olunmasını xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə keçirik. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, mən ölkədə, xüsusi ilə rayonlarda əhalinin elektrik enerjisi ilə təminatındakı mövcud bərbad vəziyyət haqqında ötən iclasda ətraflı danışmışam. Bu gün bir daha təkrar edirəm ki, son 15 ildə əhaliyə, xüsusi ilə qış aylarında, faktiki olaraq, 7-8 saat işıq verilir. Qazın və meşə zolağının olmadığı rayonlarda bu vəziyyətdə yaşamaq əslində ölümlə çarpışmaq deməkdir. Belə bir şəraitdə, yəni ölkənin rayonlarında qışa heç bir hazırlığın görülmədiyi, əhalinin 40 faizdən çoxunun kasıblıq həddindən də aşağı səviyyədə yaşadığı bir vaxtda bu layihənin gündəliyə gətirilməsi, indiyə qədər işıqdan, heç olmasa, 7-8 saat qızdırıcı kimi istifadə edən insanları həbsxana ilə qorxutmaq, bu imkandan məhrum etmək, sözün həqiqi mənasında, onları qışda soyuqdan ölməyə məhkum etmək deməkdir. Mən xahiş edərdim ki, deputatlar məsələnin bu tərəfini xüsusi olaraq nəzərə alsınlar.
Digər tərəfdən işıq və qaz pulunun gecikdirilməsinə görə kifayət qədər sərt, inzibati və cinayət məsuliyyətini nəzərdə tutan bu layihəni vaxtından əvvəl müzakirəyə çıxarılan və əsaslandırılmayan bir layihə kimi qiymətləndirirəm. Əvvəla, sayğaclaşdırılma başa çatdırılmamış bu qanunun icra mexanizmini görə bilmirəm. Yaşadığım rayonun timsalında bir-iki misal çəkmək istəyirəm. Seçildiyim İmişli rayonunun mərkəzində 6000 abonent vardır. Oktyabrın 18-dən burada sayğaclaşdırılmaya başlanmışdır. Noyabrın 23-nə qədər cəmi 200 abonentin mənzilinə sayğac quraşdırılmışdır. Bu surəti nəzərə alsaq, yerdə qalan 5200 abonentin sayğacla təmin edilməsinə aylarla vaxt lazım olacaqdır. Əgər sayğac yoxdursa, abonentlərin borcu necə müəyyən ediləcəkdir?
İkincisi, son vaxtlar işıq pulunun yığılmasında olan irəliləyişləri də nəzərə almaq lazımdır. Məsələn, seçildiyim İmişli rayonunda keçən ilin noyabrında köhnə pulla rayon üzrə 200 milyon manat pul yığılmışdısa, bu ilin noyabr ayında bu rəqəm müvafiq olaraq, 370 milyon manata çatdırılmışdır. Keçən ilin noyabrına nisbətən bu ilin noyabrında rayon mərkəzi üzrə 50 milyon, bütövlükdə rayon üzrə isə 170 milyon manat çox pul yığılmışdır. Əgər işıq fasiləsiz olaraq verilsə idi, bəlkə də bu rəqəm daha artıq olardı.
Qeyd edim ki, işıq pulunun yığılması artdığı halda verilən enerji azalmışdır. Yenə də fakta müraciət etmək istəyirəm. Əgər İmişli rayonuna keçən ilin noyabrında 29 milyon kilovat saat enerji verilibsə, bu ilin noyabrında bu rəqəm 24 milyona endirilmişdir. Göründüyü kimi, keçən ilə nisbətən bu ilin noyabrında enerji 5 milyon kilovat saat azalmışdır. Diqqət etdinizsə, heç bir həbsxana hədəsi olmadan hətta enerji sərfiyyatı azalsa da, pul yığımı artmışdır. Mən rayonda olduğum müddətdə insanlarla söhbət etmişəm və aydınlaşdırmışam ki, işıq pulunun vaxtında verilməməsinin səbəbi bir tərəfdən kasıbçılıqdırsa, borcu ödəmək üçün insanların pul tapa bilməməsidirsə, digər tərəfdən enerjinin nəqli üçün abonentlərin xeyli pul ödəməsidir.
İşıq pulunun yığılmasına çox ciddi şəkildə təsir edən axrıncı məsələni xüsusi olaraq qabartmaq istəyirəm. Hansı qanunda yazılıb ki, enerjinin nəqli üçün abonent pul xərcləməlidir. Rayonlardan deputat seçilmiş həmkarlarım da təsdiq edə bilərlər ki, yerlərdə qırılmış məftilləri, sıradan çıxmış transformatorları, faktiki olaraq, rayon sakinləri, yəni abonentlər özləri bərpa edirlər. 50 il əvvəl çəkilmiş və istismar müddətini çoxdan başa vurmuş, həyat üçün təhlükə mənbəyi olan elektrik dirəklərini, məftilləri, habelə 30-40 il istismar edildiyindən tam yararsız hala düşmüş və bu səbəbdən tez-tez partlayan transformatorları təmir etmək rayon sakinləri üçün artıq adi həyat normasına çevrilmişdir.
Mən rayonda olduğum müddətdə qəzaları aradan qaldırmaq üçün bir deputat kimi, hansı əziyyətləri çəkdiyimi, hansı imkanlı adamlara müraciət etdiyimi təfsilatı ilə danışmaq istəmirəm. Ancaq bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Əgər deputat seçicilərin müraciətinə uyğun olaraq, qəzanı aradan qaldırmaq üçün məftil və ya dirək tapa bilmirsə, transformatoru pulsuz təmir etdirə bilmirsə, abonent bunu necə edə bilər? Təbii ki, abonent əlacsız qaldığından qəzanı aradan qaldırmaq, işığını yandırmaq üçün bir qayda olaraq özü xərc çəkməli olur. Bu səbəbdən də, adətən, iki xərcdən birini ödəməyə çalışır. Ya işıq pulunu, ya da məftillərin, transformatorların təmir xərcini verir. Gəlin, etiraf eləyək ki, bu, Azərbaycan rayonlarının acı reallığıdır. Kim inkar edə bilər ki, rayonlarda az qala hər ay sıradan çıxan transformatorların təmiri üçün abonentlərdən pul yığılmır? Təsəvvürünüzə gətirin, bu transformatorların bərpası minimum 20-25 gün vaxt aparır. Bu müddət ərzində təxminən 90-100 ailə qaranlıqda yaşayır. Transformatorun təmiri üçün biçarə insanlardan xeyli pul yığılır. İndi siz deyin, bu qədər xərci çəkən abonent işıq pulunu verərmi?
Abonentin xərci bununla qurtarmır. İşıqların tez-tez sönməsi, həmçinin xətlərdəki gərginliyin aşağı olması nəticəsində insanlara dəyən ziyanları da bura əlavə edəndə mənzərə bir qədər də gərginləşir. Yəqin ki, xəbəriniz var, xüsusi ilə qış aylarında xətlərdəki gərginlik rayonlarda maksimum 100-110 volt olur. Əlavə qurğu qoşmadan bu gərginlik ilə hətta televizor da işləmir. İşıqların çıraq kimi közərməsi, gün ərzində 10-15 dəfə sönməsi abonentlərdə psixoloji gərginlik yaratmaqla yanaşı, onlara həm də külli miqdarda maddi ziyan vurur. İndi rayonlarda çox az ailə tapmaq olar ki, bu və ya digər məişət avadanlığı sıradan çıxmasın.
Hörmətli deputatlar, mən çalışdım ki, bir rayonun timsalında enerjinin nəqli ilə bağlı yerlərdə illər boyu davam edən çox ağır vəziyyəti sizin nəzərinizə çatdırım. Bu izahatdan sonra, yəqin, siz də təsdiq edərsiniz ki, əvvəlcə enerjinin nəqlindəki ciddi nöqsanlar aradan qaldırılmalıdır, sonra istehlakçıdan nə isə tələb edilməlidir.
Bu gün Milli Məclisə bu qanun layihəsini təqdim edənlərdən soruşmaq istəyirəm. Məgər abonentlərə enerjinin verilməsində qayda-qanun bərpa edilibmi? Məgər 50 il bundan qabaq çəkilən elektrik xətləri dirəklər, abonentlərə enerjinin verilməsində qayda-qanun bərpa edilibmi? Məgər 50 il bundan qabaq çəkilən elektrik xətləri və dirəklər, habelə istismar müddətini bir neçə dəfə başa vurmuş transformatorlar dəyişdirilibmi? Qəza hadisələri sıfıra endirilibmi? Məgər vəzifəsindən sui istifadə edərək qazanc əldə edən, qanun pozuntularına yol verən vəzifəli şəxslər cəzalandırılıbmı ki, indi də abonent barədə belə sərt tədbirlərə əl atılır?
Əgər istehlakçı üçün bu cəza tədbirlərini rəva bilirsinizsə, o halda istehsalçının və ya paylayıcının günahı üzündən abonentlərə dəyən maddi və mənəvi ziyanın kompensasiyası məsələsi də layihədə eyni qaydada öz əksini tapmalıdır. Kim təminat verə bilər ki, bu qanunun qəbulu yerlərdə rüşvətxorluğa təkan verməyəcəkdir? Abonentləri yüksək cərimədən və ya həbs olunmaqdan xilas eləmək üçün borcdan əlavə xeyli miqdarda pul tələb edəcəklər. İşıq, qaz və su xidməti işçilərini göz önünə gətirməyinizi xahiş edirəm.
Nəhayət, niyə nəzərə almaq istəmirsiniz ki, rayonlarda kütləvi işsizlik hökm sürür, insanların güc-bəla ilə əldə etdikləri pul ailələrinin dolandırmağa belə çatmır. Bunu bilə-bilə, bu qanunu qəbul etməklə yığılmış borclarını ödəyə bilməyən xeyli sayda insanı həbsxanadamı yaşatmaq istəyirsiniz?
Cənab Sədr, hörmətli deputatlar! Mən də o fikrin tərəfdarıyam ki, indiki kasıbçılıq şəraitində, insanların öz ailələrini çətinliklə dolandırdığı bir vaxtda işıq, qaz və su puluna görə onların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Hesab edirəm ki, əvvəlcə elektrik enerjisinin, qazın verilməsi qaydaya salınmalı, işsizlik tam aradan qaldırılmalı, neft gəlirləri hesabına abonentlərin bütün borcları ödənilməli, vəziyyət sıfır həddinə gətirilməli və yalnız bundan sonra inzibati üsullar tətbiq edilməlidir. Mən deputatları qeyd etdiyim maddələrin əleyhinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sizin sözlərinizdən belə çıxır ki, təşviqat qrupu düzəldək, o da camaat arasında təşviqat aparsın, nə işıq pulu, nə də qaz pulu ödənilsin. Vidadi Məmmədov, buyurun.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Hazırda əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Bu məqsədlə ölkənin enerji ilə davamlı təmin olunması və onun yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən mütəmadi danışıqlar aparılır, tədbirlər görülür. Bunu xalqımız yaxşı bilir və yüksək qiymətləndirir. Bu siyasət qanunvericilikdə də öz əksini tapır.
Bu baxımdan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 189-cu maddəsinə qazın, elektrik və istilik enerjisinin talanması və ya onlardan qanunsuz istifadə edilməsi ilə bağlı əlavələr təklif olunmuşdur. Doğrudan da, bu gün ölkədə qaz və elektrik enerjisindən istifadə zamanı abonentlər tərəfindən qanunsuz istifadə halları, daha doğrusu, öz adı ilə desək, oğurluq və talan edilməsi hallarına rast gəlinir. Lakin bu qanunsuz istifadə bəzən enerji təchizatı məsələləri ilə məşğul olan rəhbər işçilərin iştirakı ilə həyata keçirilir. Əminəm ki, Məcəllədə əlavələrin edilməsi bu sahədə müsbət nəticələr verəcəkdir. Görülən tədbirlər nəticəsində elektrik enerjisi sistemində problemlər aradan qaldırılır. İnanıram ki, bu sahədə böyük irəliləyişlər olacaqdır.
Təəssüf ki, qaz təsərrüfatında hələ də çatışmazlıqlar özünü göstərməkdədir. Bölgələrdə sayğaclar hələ tam quraşdırılmayıb. Sayğaclar quraşdırılmamışdan əvvəl abonentlərə istifadə etmədikləri halda qaz haqlarının ödənilməsi üçün qanunsuz qəbz yazılır, süni borc yaradılır. Xüsusi ilə 2005-2006-cı illərdə belə hallar daha çox baş vermişdir. Bu illərdə qaz təsərrüfatı idarəsi qazı qeyri-leqal satmış, hökumət onlardan qazın sərfinə görə ödəniş tələb etdikdə həmin pulları abonentlərin borcu kimi göstərmişlər. Bəzən vətəndaş evdə yaşamadığı halda onların hesabına qaz pulunu yazaraq borc yaradırlar. Sonra bölgədə qaz pulunun ödəmə faizini qaldırmaq üçün büdcə təşkilatlarında və özəl sektorlarda çalışanların əmək haqlarından qaz pulunu ödəmək üçün pul tuturlar. Bir çox bölgələrdə sakinlər bildirirlər ki, gecələr qazın evlərə verilməsi tam dayandırılır, dövlət müəssisələri də gecələr işləmirlər. Lakin qazın sərfi bəzən gecə vaxtlarında gündüzdəkindən çox olur. Çünki gecələr qazı istixanalara və bəzi müəssisələrə qeyri-leqal olaraq satırlar. Qazın ödəniş haqqı isə əhalinin hesabına artır. Bu da əhalinin haqlı narazılığına səbəb olur.
Ümumiyyətlə, hesab edirəm ki, qaz istismarı idarəsi ilə abonentlər arasında müqavilələr bağlanmalıdır. Bu hüquqi tərəfdən çox düzgün olardı və 189-cu maddəyə təklif olunan əlavələrin təsdiq olunmasına münbit şərait yaradardı. Təklif olunmuş əlavələrdə nəzərdə tutulmuş cərimə və cinayət cəzaları abonentlər və təchizat müəssisələrinin vəzifəli şəxs olmayan səlahiyyətli nümayəndələri üçün nəzərdə tutulmuşdur. Yaxşı olardı ki, Məcəllənin 189.1.4, 189.1.5. bəndlərində nəzərdə tutulmuş məsuliyyət və cəzalar vəzifəli şəxslərə də aid edilsin. Bu daha ədalətli olardı və səmərə verərdi. Məcəlləyə edilən əlavə və dəyişikliklərin qəbul olunmasının lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu məsələ bütün Azərbaycan vətəndaşlarına, eləcə də millət vəkillərinə toxunduğuna görə məsələyə münasibət bildirməyimiz vacibdir. Məndən öncə çıxış eləyən millət vəkillərinin fikirlərini təkrar eləməmək üçün bir çox müddəalarla razılaşdığımı bildirmək istəyirəm.
Həqiqətən, dövlət o vaxt vətəndaş üzərində hər hansı bir mükəlləfiyyət qoyur, hər hansı bir vətəndaşdan məsuliyyət tələb edir ki, dövlət onun üçün normal yaşayış şəraiti yaradır. Bu gün doğrudanmı Azərbaycanda vətəndaşın istehlak etdiyi enerjinin keyfiyyəti elə bir standarta gəlib çatıb ki, artıq dövlət vətəndaşdan məsuliyyət tələb edir? Qaz və su sayğaclarının quraşdırılması işi tamamlanmadan bu prosesi necə həyata keçirmək olar? Bu ona bənzəyir ki, qanunsuz tutulmuş adam hər səhər həbsxana gözətçisini söyür. Artıq məhkəməni, prokuroru söymür. Elə bilir ki, günahkar gözətçidir. Vətəndaş bədbəxt müfəttişlə üz-üzə qalacaqdır. Müfəttiş özü də görür ki, vətəndaşın maddi imkanı çatmır. Özünüz də diqqət eləsəniz, dövlət vətəndaşa işıq çəkib vermir. Çoxu öz imkanları hesabına bunu edir. Dövlət vətəndaşa su çəkib vermir. 10-20 qonşu yığışır, su çəkir. Dövlət qaz təminatını həyata keçirmir. Bunu hamımız görürük. Bu cür sərt formada vətəndaşdan məsuliyyət tələb eləmək doğru deyil. Ona görə də mən hesab edirəm ki, məsələni cinayət məsuliyyəti kateqoriyasından çıxarmaq lazımdır. Vəzifəli şəxslərin cinayət məsuliyyəti məsələsi qala bilər, amma vətəndaşa yönəlik inzibati xarakterli tədbirlər var. Bir də maddi xarakterli tədbirlərin görülməsi daha məqsədəuyğun olar.
Bu gün heç kimə sirr deyil ki, mənim seçildiyim Bakıxanov qəsəbəsində yayda su olmur, vətəndaş su görmür. Burada “azadlığı məhdudlaşdırmaq” yazılır, vətəndaş yuyuna bilmirsə, bu, azadlığın məhdudlaşdırılması deyil? Bakıxanov qəsəbəsinə gedin. İstənilən yerdə qanunsuz, qanuni tikilmiş villaların həyətlərində hər cür şərait yaradılıb. Eyni küçədə 30-50 sakininin evində su yoxdur. Amma onun yanında hansısa vəzifəli şəxsin villası var. Orada çox yüksək səviyyədə şərait yaradılıb. Belə şey olmaz. Ona görə insanlardan məsuliyyət tələb edərkən, bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bilinməlidir ki, insanlar nəyi ödəmək gücündədirlər. Ona görə də mən təklif eləmək istəyirəm ki, sayğaclar quraşdırılmamış bu qanunun qəbul olunmasına yol verilməsin. Sayğaclar quraşdırılıb qurtarsın, sonra dövlət ödənişləri tələb etsin.
Biz qaz prosesində görürük. Sayğaclar quraşdırılıb. İndi də vətəndaşlara deyirlər ki, sizin əvvəllər filan qədər borcunuz olub, sonra araşdıranda yaxşı bir ifadə işlədirlər. Əvvəl deyirdilər, kimsə səhv edib, indi deyir, kompüterə səhv düşüb. Ona görə də təklif edərdim ki, heç olmasa, vətəndaşın qayğısına qalmaq üçün dövlət sayğaclar quraşdırılmamışdan əvvəlki bütün borcların silinməsini öz üzərinə götürsün. Vətəndaşı bunun altına yükləmək olmaz. Digər tərəfdən vətəndaş özü də maraqlı olmalıdır ki, normal istehlakçı kimi bu vasitələrdən istifadə eləsin.
Biz də bilirik ki, ölkə çətin vəziyyətdədir. Rusiya qazın, işığın qiymətini qaldırır. Amma bir şeyi bilməliyik. Sanki Azərbaycanda kapitalizm qurulub. Amma sosializm təfəkkürü heç dəyişməyib. Hər şeyə kollektiv yanaşma var.
Təsəvvür eləyin, əgər bir nəfər qaz pulunu vermirsə, bütün rayonun qazını keçirmək anormal bir şeydir. Artıq bir nəfərin məsuliyyətini eyni vaxtda hamının daşıması deməkdir. “Kollektiv məsuliyyət” deyilən anlayış hansı hüquqda var? Biz belə bir anlayışı vətəndaşa tətbiq eləyəndə bunun qaydasını müəyyən eləməliyik ki, sabah pulu ödəyən vətəndaş başqasına görə əziyyət çəkməsin. Bu baxımdan hesab edirəm ki, ancaq sayğaclar quraşdırılandan sonra bu məsələni gündəmə gətirmək olar . Əli müəllim doğru qeyd elədi. Dəyişiklikləri müsbət qarşılayıram. Səs çoxluğu ilə müəyyən məsələlər bizim iradəmizdən kənardır. Heç olmasa, cinayət məsuliyyəti məsələsi hissəsini yüngülləşdirmək lazımdır. Qaza, işığa görə kiminsə iki-üç il azadlıqdan məhrum olunması problemi düzəldəcəkmi?
Sonda mən bir iradımı da bildirmək istəyirəm. Hər dəfə ölkə başçısı bu problemlərlə bağlı çıxış edəndən sonra Milli Məclisə təcili bu cür sənədlər daxil olur. Bu təcrübəyə son qoymaq lazımdır. Prezident deməmişdən əvvəl müvafiq orqanlar bu problemi görmürdülər? Niyə onun çıxışından əvvəl bu məsələlərin tənzimlənmə funksiyası həyata keçirilmir? Yəni tələm-tələsik hesabat verək ki, Prezidentin çıxışından sonra biz də işləyirik, müəyyən məsələləri həll eləməyə çalışırıq. Bunlar ölkənin, vətəndaşın xeyrinə deyil. Heç dövlətin də xeyrinə deyil. Ona görə də hesab edirəm ki, bu məsələyə biz ciddi yanaşıb bu məsələnin müzakirəsini bir qədər sonraya saxlamalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma bir şeyi düz demədiniz ki, suyu, qazı əhali özü çəkir. Qaz, elektrik enerjisi göydən düşür ki, çəksinlər? Danışanda bir az konkret danışaq. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan məsələ hər bir Azərbaycan vətəndaşının mənafeyi ilə birbaşa əlaqəli olduğuna görə, təbii ki, burada qaldırılan bir sıra məqamlara çox diqqət yetirmək lazımdır.
Birincisi, tezis formasında demək istəyirəm ki, burada qaldırılan məsələlər nə qədər vacib olsa da, çox təəssüflər olsun ki, onlara birtərəfli yanaşılır. Əgər doğrudan da, işıq, qaz təchizatında qayda yaratmaq, vəziyyəti yaxşılaşdırmaq istəyiriksə, onda mütləq həm istehsalçı, həm də istehlakçı tərəfin maraqları və öhdəlikləri balanslaşdırılmalıdır. Digər ciddi məsələni mən qaldırmaq istəyirəm. Dövlət başçısının və Baş nazirin birinci müavininin çıxışlarındakı məqamları vurğulamaq istərdim. Birinci tezis. Əhalidən işlətdiyi yox, işlətmədiyi işığın, qazın pulunu tələb eləyirlər. İkinci tezis. Hesab edirəm ki, bu da həddindən artıq vacib məsələdir. Sayğacların bir hissəsi işığı və qazı düzgün hesablamır. Həmin sayğacları dəyişdirmək lazımdır. Baş nazirin birinci müavinin çıxışındakı tezisə gəlincə, mən bilirəm, həmin pullar hara gedir? Ciblərə gedir. Məsələyə kompleks yanaşanda haradan başlamaq lazımdır? 1990-cı ildə Azərbaycanda əhali 1,1 milyard kv/saat elektrik enerjisi işlədirdi. İndi 11 milyard kv/saat elektrik enerjisi işlədir. Mütəxəssis olmayan adam da bu rəqəmin şişirtmə olduğunu bilir. Ona görə də söhbət işığın, qazın ödənilməsindən gedirsə, burada əsaslandırılmış mütləq rəqəmlər olmalıdır.
Birincisi, əhali nə qədər işıq, qaz işlədir? Dövlət təşkilatları nə qədər işlədir? Özəl təşkilat nə qədər işlədir? Əgər bu struktur dəqiqləşdirilsə, onda çatışmayan cəhətlər avtomatik üzə çıxacaq. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, 20 faizdən 30 faizə qədər abonent uçotda deyil. Əgər uçotda deyilsə, deməli, hər şey ümumi hesablanır. Ümumi hesablananda uçotda olmayanların pulu həmin sahəni yoxlayanların cibinə gedir. Beləliklə, onda həmin 20-30 faiz abonentin borcları əhalinin üzərinə qoyulur. İstənilən rayonda bu praktika var. Həmin borcların bir hissəsi doğru olsa da, bir hissəsi doğru deyil.
Monitorinqlər göstərir ki, işığın, qazın, suyun pulunu əsasən üç kateqoriya vermir. Varlılar, yoxsullar, bir də uçotda olmayanlar. Bu kateqoriyalara aid kifayət qədər aydınlaşdırmalar etmək mümkündür. Ona görə də bu istiqamətdə şəffaf monitorinq aparılmalıdır. Tam aydınlıq gətirilməlidir. Sayğacların qoyulması prosesi başa çatdırılmalıdır. Ondan sonra işığın, qazın, suyun düzgün uçotu aparılmalıdır. Dövlət sektoru, əhali və digər qurumlar arasında nə qədər elektrik enerjisi işlədilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bu sanksiyaları hökumət öz öhdəliklərini həmin sadalanan xidmət sahələrində tam və yüksək keyfiyyətlə yerinə yetirdiyi şəraitdə tətbiq eləmək mümkündür. Bunu da iri təşkilatlara tətbiq eləmək olar. Amma kütləvi surətdə bunun əhaliyə tətbiqi, mən deyərdim ki, sosial narazılığa gətirib çıxaracaq. Ona görə də təklif edirəm ki, bunun inzibati hissələri gündəlikdən çıxarılsın.
Elə ölkələr olub ki, məsələn, vergiyə görə ölüm cəzasına qədər tətbiq eləyib. Amma orada heç bir dəyişiklik olmayıb. İnzibati yollarla bu problemi həll eləmək olmaz. Bu sahələr bütövlükdə daha çox korrupsiyaya uğramış sahələr olduğuna görə uçota düşməyən işığın, qazın pulunu əhalinin üzərinə qoymaqla xeyli dərəcədə problem yaranacaq. Əhalinin ən azı 2 milyonu, 2,5 milyonu yoxsulluq həddində yaşadığı bir dövrdə buradakı problemləri nəzərə almaq lazımdır. Struktura gəldikdə, ev təsərrüfatlarında işıq, su, qaz pulu ev təsərrüfatlarının xərclərinin yalnız 5,4 faizini təşkil edir. Burada da bir sual olmalıdır. Niyə bəs ödənilmir? Ödənilməməyinin səbəbi xeyli dərəcədə çatışmazlıqlarla bağlıdır. Qeyd elədiyim həmin çatışmazlıqları aradan qaldırandan sonra buna nail olmaq mümkündür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, biz başa düşürük ki, qanun layihəsinin bura göndərilməsi nə ilə əlaqədardır. Azərbaycan faktiki olaraq bu gün özünü tam həcmdə işıq enerjisi və qazla təmin edə bilmir. Ona görə də bu problem yaranır. Bu problemi biz başa düşürük. Amma bu problemlə əlaqədar onu da başa düşürük ki, bu qanun layihəsinin, ümumiyyətlə, Milli Məclisin gündəliyinə daxil edilməsi bir sıra nüanslara və arzuolunmaz hadisələrə gətirib çıxarır.
Bu yaxınlarda biz Qubada işıq və qazın ödənişi ilə əlaqədar icra başçısı ilə iclas keçirdik. Orada bir sıra nüanslar ortaya çıxdı. Qazla əlaqədar rayonlarda sayğaclar quraşdırılıb. Həmin sayğacların atmosfer təzyiqi faktiki olaraq 2, 4, 6 atmosferə hesablanıb. Rayona verilən qazın təzyiqi isə 2 atmosferdən yuxarı olmur. Yəni 4, 6 atmosfer qoyulan sayğaclar faktiki olaraq qazı heç buraxmır. Ona görə də insanlar məcburdurlar ki, həmin sayğacları çıxarıb tullasınlar. “Azəriqaz” SC-nin prezidenti açıq-aydın göstərir ki, hələlik respublika üzrə sayğaclaşma 60 faiz yerinə yetirilib. Yəni gözləmək olmaz ki, ilin axırına qədər bu sayğaclaşma yerinə yetirilsin?
Digər tərəfdən biz qeyd edirik ki, rəsmi statistikaya görə əhalinin təxminən 29 faizi kasıbçılıq şəraitində yaşayır. Kasıbçılıq şəraitində yaşayan insanların qaz və işıq pulunu ödəməsi problemə çevrilir. Elə həmin toplantıda minə yaxın insan iştirak edirdi. Pensiyaçı durub sual verdi ki, mən ayda 175 min manat pensiya alıram. Qaz pulu, işıq pulu verməliyəm. Mən bu pulu haradan almalıyam? Çox misal gətirmək olar.
Ümumi götürəndə, əlbəttə, bu layihənin müəyyən hissələrini, həmkarlarımın qeyd etdiyi kimi, qəbul etmək olmaz. Bu, cinayət məsuliyyətinə cəlb etməklə əlaqədardır. Müəyyən inzibati xətaları, şərti maliyyə vahidi məbləğinin müəyyən misli miqdarında cərimələr ödəməklə yoluna qoymaq olar. Amma insanları cinayət məsuliyyətinə cəlb eləmək, onları bu yolla cinayətə sövq eləmək, ümumiyyətlə, yaxşı hal deyil və bunu qanun şəklində qəbul etmək doğru olmazdı.
Digər tərəfdən, Oqtay müəllim, Azərbaycan Respublikasının Prezidenti müşavirə keçirəndən sonra Azərbaycanın bütün rayonlarında istər qaz, istərsə də işıq pulunun yığımı ilə əlaqədar ciddi irəliləyiş var. Bunu siz də bilirsiniz. Yəni hansı rayonda 7-8 faiz yığım var idisə, indi 50, 55, 60 faizə qalxıb. Deməli, bu yığımı eləmək mümkündür. Ona görə də bu Qanunda niyə icra orqanlarının, yəni həmin təşkilatların məsuliyyəti öz əksini tapmır? İlk növbədə çalışmaq lazımdır ki, həmin təşkilatlar əhali ilə, icra hakimiyyəti orqanları ilə işləsinlər. Necə ki, axırıncı iki ayda mən dediyim kimi, yığım 10 faizdən 60 faizə qalxıb. Mənə elə gəlir ki, 3-4 ay da işləsələr, vəziyyəti yoluna qoymaq olar. Amma insanları cinayət məsuliyyətinə cəlb eləmək, mən elə hesab edirəm ki, bu yolverilməzdir.
Digər tərəfdən, bu qanun layihəsinin 118-ci maddəsində “şərti maliyyə vahidinin 300 mislinə qədər olan miqdar” sözləri başa düşülür. Ona görə də faktiki olaraq bütün əhali məsuliyyətə cəlb olunmalıdır. Yəni söhbət fizikim şəxslərdən gedir. Ona görə də bu qanun layihəsi çox ciddidir. Əlbəttə, mən bu layihənin qəbul edilməsinin tərəfdarıyam. Amma bir şərtlə ki, ona bir də baxılsın. İlk növbədə, qeyd elədiyim kimi, cinayət məsuliyyəti oradan tamamilə götürülsün, vətəndaşlara müəyyən vaxt verilsin. Üstəlik sayğaclaşma Azərbaycanın bütün ərazisində başa çatmayıb. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, Siz vaxtı ilə Baş nazirin müavini işləmisiniz, bu işləri yaxşı bilirsiniz. Nə təklif verə bilərsiniz?
V. Əhmədov. Oqtay müəllim, mən qeyd elədim ki, iki ay bundan əvvəl, Prezident iclas eləməmişdən qabaq ödəniş 10-12 faiz idi. Hazırda 50-60 faizə qalxıb. Bu necə oldu? Camaatda pul əmələ gəldi? Deməli, icra orqanları işləməyə başladı. Onların məsuliyyətini artırmaq və məcbur eləmək lazımdır ki, işləsinlər. Bu, güclə olan şey deyil. Vətəndaşı cinayət məsuliyyətinə cəlb eləməklə hüquq mühafizə orqanları üçün ayrıca rüşvət mənbəyi yaradırıq. Bu yalnız ona gətirib çıxarır. Mən Sizi inandırım ki, sayğaclar tam qoyulsa, üç-dörd aya hər şey öz yerini tapacaq. Bir də mən Sizə dedim, Oqtay müəllim, 6 atmosferlik sayğac qoyulur. Amma 2 atmosfer qaz verilir, sayğac işləmir. Vətəndaş həmin sayğacı tullamağa məcburdur. Başqa yolu yoxdur. Rayonlarda cənab Prezidentə düzgün məlumat vermirlər. Ona görə də belə vəziyyət yaranır.
Sədrlik edən. Sayğacların hamısı belədir? Axı, onlar standartlardan keçirilir, yoxlanılır, hər hansı bir təzyiqə uyğun gəlirlər. Məsələ burasındadır ki, cərimə sanksiyaları da ödənilmir. Onda nə etmək lazımdır? İşığın pulunu vermir, cərimələyirlər, məhkəməyə verirlər, yenə borcunu ödəmir. Onda nə etməli? Yolunu göstərin. Məsələn, Moskvada belə bir qayda var ki, kommunal xərcləri ödəmədikdə bir ay xəbərdarlıq edirlər. İki-üç aydan sonra məhkəməyə verirlər. Məhkəmənin qərarı yerinə yetirilmədikdə sanksiya verib evi əlindən alırlar, yəni dünyanın hər yerində kommunal xərcləri ödəmək üçün üsullar var. Bu üsul da kənardan götürülməyib. Türkiyədə də eyni qayda olub. Orada da israfçılığa görə pullar yığılmayıb. İndi Moskvada, Rusiyanın digər şəhərlərində yığım 90-98 faizdir.
Bildiyiniz kimi, Azərbaycan Rusiyadan 4,5 milyard kub metr qaz alır. Onun da heç 20 faizinin pulu ödənilmir. İşıq pulu da onun kimi. 6 mindən yuxarı istixana var. Yəqin, hamınız görmüsünüz. 6 min istixananın apardığı qaz Gəncə şəhərinə bəs eləyər. Bunların qabağını birdəfəlik almaq lazımdır. Üzr istəyirəm, pis mənada çıxmasın, yalnız populist deyil. Fikirləşmək lazımdır. Biri deyir ki, borclar Neft Fondunun hesabına silinsin. Bir az qənaətcil olmaq lazımdır. Burada başqa siyasət də var. Görürsünüz, qazın qiymətini 230 ABŞ dollarına qaldırırlar. Yəni ümumi bir fikrə gəlmək lazımdır. Cinayət Məcəlləsi ilə bağlı deyilənlərlə mən də razıyam. Orada birinci dəfə, ikinci dəfə xəbərdarlıq olunması göstərilir. Üçüncü dəfə başqa yol yoxdur, axı. Sizə göstərə bilərik ki, onlarca abonent məhkəməyə verilib, amma heç bir xeyri olmayıb. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən istərdim, bir məsələni biz burada ayıraq. 189.1.1-ci maddədə yazılır: “Qazın, elektrik və ya istilik enerjisinin talanması, yaxud müvafiq hesablaşma uçot vasitələrinə müdaxilə yolu ilə bu enerji resurslarından qanunsuz istifadə edilməsi nəticəsində ziyan vurma”. Biz burada çox böyük cərimə və ya cinayət məsuliyyəti nəzərdə tutduğumuza görə bəlkə “talanma” ilə “sayğacların işinə müdaxilə”ni ayıraq. Çünki talanmanın çox növü var. Bir də görürsünüz ki, qaz kəmərini belə talayırlar, əsas boru kəmərindən boru çəkirlər və yaxud əsas enerji xəttindən enerji götürülər. Hər halda bunlarla sayğaca müdaxiləni eyni cəza növündə nəzərdə tutmaq doğru deyil. Yəni bunu müəyyən qədər ayırmaq olar. Çünki sonra biz cinayət məsuliyyətini də nəzərdə tuturuqsa, bunlar tam fərqlidir. Mən hesab edirəm ki, bunu dəyişə bilərik.
İkinci bir məsələyə gəldik. Əgər biz bu qanun layihəsini buna səs verib qəbul edəcəyiksə, o, yanvarın 1-dən qüvvəyə minəcək. Cənab Prezidentin tapşırığı var ki, dekabr ayının sonunadək ölkədə sayğaclaşdırma işi başa çatdırılmalıdır. Amma mənim təmsil olduğum rayon da daxil olmaqla, mən eşitmişəm, rayonlarda sayğaclaşdırma işinin bu ilin sonunadək başa çatması prosesində problemlər var. O zaman ciddi bir məsələ ortaya çıxacaq. “Azəriqaz”ın və “Azərenerji”nin nümayəndələri desinlər, dekabrın sonuna qədər onlar Prezidentin tapşırığını yerinə yetirəcəklərmi? Əgər bütün ölkədə qaz və elektrik sahəsində sayğaclaşdırma başa çatacaqsa, bu qanunun qəbul olunmasında problem yoxdur. Əgər bu sayğaclaşdırma uzanıb fevral ayına gedib çıxacaqsa, xeyli problem yarana bilər.
Oqtay müəllim, bir məsələyə də diqqət yetirmək lazımdır. Məsələn, layihədə yazılıb: “xeyli miqdarda ziyan vurmaqla” və ya “az miqdarda ziyan vurmaqla”. Bu “xeyli miqdarı”, “küllü miqdarı”, “az miqdarı” kim müəyyənləşdirəcək? Bunu təşkilatların nümayəndələri müəyyənləşdirəcək. Bəs necə müəyyənləşdirəcəklər? Mən sayğaca müdaxilə eləmişəm və ya hardansa qaz kəməri çəkmişəm, yaxud elektrik xətti çəkmişəm. Bunun xeyli miqdarda, yaxud az miqdarda olduğunu necə müəyyənləşdirəcəklər? Sabah ciddi məsələlər ortaya çıxacaq. Deyəcəklər ki, biz “xeyli miqdarda” yaza bilərik, o zaman sən azadlıqdan məhrum ola bilərsən. Yaxud bunu az miqdarda yazsam, sən yüngül bir cərimə ilə qurtara bilərsən. Məncə, bunu mərhələyə bölürüksə, bunun üzərində düşünməliyik ki, sonradan sui-istifadələrə gətirib çıxarmasın.
İkincisi, biz burada cinayət məsuliyyətindən danışırıq. Deyirik ki, “müvafiq hesablaşma uçot vasitələrinə müdaxilə yolu ilə” mən şəxsən öz rayonumda görmüşəm ki, elektrik və qaz sayğacları evin çölünə qoyulur. Hər bir kənddə qaz və elektrik işçisi var. Onlar gün ərzində bir dəfə sayğaclara müdaxilə olunub-olunmadığını nəzərdən keçirə bilər. Əgər nəzərdən keçirə bilərsə, biz bu məsələləri niyə ağırlaşdırmalıyıq? Yəni bir az yüngül yanaşa bilərik ki, vətəndaşlarımız həmin problemlərlə üzləşməsinlər.
Sonra, burada digər bir məsələ var. Xüsusi ilə 189.1.4-cü maddədə yazılıb: “Qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən”. “Lazımi qaydada yerinə yetirməməsi” nə deməkdir? İndi bunun lazımi qaydada olub-olmamasını kim müəyyənləşdirəcək? Mənə elə gəlir ki, bunlar əlavə problemlər yaradacaq.
189.1.5-ci maddədə göstərilir: “Qaz, elektrik və istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi maraq üzündən”. Burada “sair şəxsi maraq” nədir? “Şəxsi maraq” de, “və sair” sözü artıqdır.
Mən də sözümün sonunda demək istəyirəm ki, bu sahədə ciddi addımlar atmaq lazımdır. Amma ciddi addımlar atmaqla yanaşı, təbliğatı da artırmaq lazımdır. Məsələn, Vahid müəllim də dedi, Tovuzda qazın sayğaclaşması başa çatmayıb. Bir hissəsi başa çatan kimi, ödəniş 60-70 faizə çıxdı. Əhali arasında təbliğat aparmaq lazımdır. Oqtay müəllim, mənə elə gəlir ki, biz bu cür sərt qanunu qəbul eləyəcəyiksə, televiziya vasitəsi ilə əhali arasında təbliğat getməlidir ki, sonra narazılıq yaranmasın. Qabaqcadan izah olunmalıdır ki, bu cür sərtləşmə olacaq və insanlar bu məsələlərdə diqqətli olsunlar.
“Azəriqaz”ın nümayəndələri buradadır. Çox istərdim, bir məsələyə aydınlıq gətirsinlər. Rayonda çoxlu müraciətlər olur. Bu qanuna aid deyil. Ola bilsin, biz Rusiyadan qaz almayaq. İnsanlarda narahatlıq yaranıb ki, o zaman rayona verilən qazın həcmi azalacaqmı və ya kəsiləcəkmi? Biz o günə hazırlıqlı olaq. Yəni kim odun almalıdırsa, odununu alsın, tədarük görməlidirsə, görsün. “Azərqaz”ın nümayəndələri bu cür açıqlamaların arxasında dayanan məqamları çatdırsınlar. Yaxud Rusiyadan qaz alınıb- alınmamasının qazın verilməsinə heç bir təsiri olmayacaq. Bu məsələləri də aydınlaşdırsalar, insanlarımız üçün çox yaxşı olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siz çox düz buyurdunuz. Əli müəllim də çıxışında dedi ki, əhalini maarifləndirmək lazımdır. Bu haqda televiziyalarda, qəzetlərdə yazılar getməlidir. Bu, vacib məsələdir. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən prinsipcə hətta indiki kritik məqamda bu sahədə qanunların sərtləşdirilməsinin tərəfdarıyam. Son vaxtlar bir neçə dəfə müxtəlif kəndlərdə, Sabirabad şəhərində seçicilərin tələbi ilə görüşlər keçirmişəm. Onları qaz və işıq məsələsi maraqlandırır. Həmin görüşlərdə mən çıxışıma onunla başladım ki, qazın və işığın pulunu vermək lazımdır. Qazın və işığın pulu verilməsə, qaz və işıq olmayacaq. Sadə bir həqiqətdir. Hamımıza da aydındır. Mən sizi inandırıram ki, məsələni belə açıq və sərt şəkildə qoyandan sonra mənə verilən cavab o oldu ki, biz qazın, həmçinin elektrik enerjisinin pulunu veririk və verməyə də hazırıq. Lakin bizə qazı və işığı versinlər.
Hörmətli Sədr, bizim Sabirabad şəhərində, – mən bunu səsləndirməyə söz vermişəm, – 100-110 nəfər vəzifəli şəxs, ola bilsin, bir qədər varlanmış adam inzibati xətt deyilən bir xətt çəkiblər. 24 saat işıq yandırırlar, amma həmin xətlərin heç biri sayğaca qoşulmayıb. Onu gizlətmək də mümkün deyil, çünki görünür. Bir əsas xətt var, bir də ağ məftillə çəkilmiş əlavə qanunsuz xətt. Üstəlik onların çoxu varlı adamlardır və heç biri pul ödəmir. İndi mən istərdim ki, bəzi suallara cavab verilsin. Bəzi müəssisələr, şadlıq sarayları, restoranlar guya mərkəzdən icazə alıblar. Onların hamısının 24 saat işığı yanır və bir çoxunun sayğacı yoxdur. Həmin pulların hara getdiyi bilinmir. Əlbəttə, belə olduqda pul yığılmayacaq. Mənim seçicimin 4-5 saat işığını yandırırlar, sonra da çoxuna sayğac qoymurlar. Gəlirlər ki, siz 20 min manat verirdiniz, indi yanvardan 50 min manat verməlisiniz. Prezident tələb eləyir. Bu məsələyə aydınlıq gətirilməlidir. Mən sizə bir dəfə bunu komissiyaların iclasında da demişəm. Mən Pənah Hüseyn olaraq, 63-cü dairənin deputatı olaraq, bildirirəm ki, bizə işığı, qazı fasiləsiz verin, biz də sizin pulunuzu verək.
Mən burada iştirak eləyən səhmdar cəmiyyətlərinin məsul şəxslərinə müraciət edirəm. Bir daha təkrar edirəm, burada bu fikir səsləndi. Təmirə, naqillərə, transformatorlara ayrılan külli miqdarda vəsait mənimsənilir. Bunu biz tam cəsarətlə deyirik. Çoxlu itkiyə yol verilir. Dəhşətli itkiyə yol verilir. Özlərinin məsuliyyətsiz işini əhalinin boynuna qoyurlar, itkini də əhalinin vermədiyi pulun ayağına yazırlar. 20-30 faiz, hətta bəzi yerlərdə 50 faiz itkiyə gedir. Onlar da bunun itkiyə getdiyini yazmırlar. Çünki belə olduqda özləri cavab verməlidirlər. Bunu əhalinin boynuna qoyurlar.
Hörmətli Sədr, Siz dediniz ki, burada bir təşviqat qrupu yaradaq. Mən onun tərəfdarıyam. Eyni zamanda, komissiya yaradaq. Mən deputat deyiləm? Seçici mənə demir? Həmin adamları mənə qoşun, seçicilər də sözlərini onların üzünə desin.
Qaz məsələsi ilə bağlı Fazil Qəzənfəroğlunun sözünü qəribçiliyə salmayın. Sovet dövründə çəkilən qaz xətləri var. Hətta bəzilərinə sayğac qoyublar, amma qazı birləşdirmirlər. Nəyi gözləyirlər? Guya ora yeni qaz xətti çəkirlər. Mənə çox sayda müraciətlər olur. Hətta sayğac qoyublar, qazı isə birləşdirmirlər. Sonra yazacaqlar ki, guya ora təzə xətt çəkilibdir. Konkret ünvanlar, konkret müraciətlər var. Burada “Azəriqaz”ın işçisi varsa, səhər gedək rayona, bir-bir ünvanları göstərim.
Bu işin kökündə korrupsiya durur. Burada deyirsiniz ki, nə eləyək? Oqtay müəllim, mən Sizə səmimi şəkildə deyirəm, külli miqdarda vəsait mənimsənilir. Xüsusən istismar xərclərinin mənimsənilməsini aradan qaldırsaq, bu problemi 70-80 faiz həll eləyə bilərik. Mənim təklifim bundan ibarətdir. Burada çox düzgün fikirlər, iradlar səsləndi. Mən təkrar edirəm, sabah sayğaclar quraşdırılsın, əhali qaz və elektrik enerjisi ilə təmin olunsun, mən də Cinayət Məcəlləsinə aid olan dəyişikliklərə səs verim.
İkincisi, necə olur ki, Qazax rayonunda, – bilmirəm, burada Qazaxdan olan var, ya yoxdur, biz gedib gələndə görürük, – günün 24 saatı işıq yanır. Hər halda yolun kənarıdır, İpək yoludur, görünür. Başqa rayonlarda, məsələn, Sabirabadda belə deyil. Hər 5-6 aydan bir işıq idarəsinin, qaz idarəsinin rəisini dəyişirlər. Çünki təyin eləyirlər, zibili çıxır, 5-6 aydan sonra işdən çıxarırlar. Bununla da iş düzəlmir.
Mənim təklifim ondan ibarətdir ki, həqiqətən, Milli Məclisin deputatlarının, səhmdar cəmiyyətlərinin, icra orqanlarının iştirakı ilə bu məsələyə ciddi şəkildə girişək. Qabaqdan bizim tətil günlərimiz gəlir. Mən təklif edəcəkdim ki, həmin tətildə hərbi toplantıya gedək. Kişi deputatları nəzərdə tuturam. Yarımız hərbi toplantıya gedirik. Yarısını da işıq, qaz məsələlərinin həllinə cəlb edək. Mən sizə söz verirəm və bütün məsuliyyəti də öz üzərimə götürürəm. Sabirabada qazı və işığı versinlər, bir aydan sonra həmin işığın pulunun verilməsinin məsuliyyətini mən öz üzərimə götürürəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hökumətin də istədiyi odur. Biz də istəyirik ki, qazı, işığı normal versinlər, sonra qazın, işığın pulunu yığsınlar. Mən heç kimin tərəfini saxlamaq istəmirəm. Əgər yığım 20 faizdirsə, çox aşağıdırsa, kabeli nə ilə çəksinlər? Problemlər çoxdur. Biz indi cərimə məsələlərindən, inzibati xətalardan danışırıq. Həqiqətən, müzakirə etdiyimiz bütün bu məsələlər, yəni işığın, qazın pulunun yığılması, eyni zamanda keyfiyyətin yaxşılaşdırılmasına yönəlib. Çünki mən də bu işin içindəyəm, bilirəm. Xanhüseyn Kazımlı, buyurun.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz bu gün çox taleyüklü məsələlər ətrafında müzakirələr aparırıq. Bəli, bu saat xalqımızın böyük əksəriyyətinin, xüsusi ilə regionlarda yaşayanların, eləcə də şəhərdəkilərin, dövlət rəhbərinin, burada əyləşən deputatların əsas problemi qış mövsümündə əhalinin istiliklə, qazla, elektrik enerjisi ilə təminatı məsələsidir. Yəqin, bütün deputatlar mənimlə razılaşarlar ki, bizə olan müraciətlərin, şikayətlərin böyük əksəriyyəti qaz və işıq təminatında olan problemlərlə bağlıdır. Əlbəttə, təkcə bizim ölkədə deyil, dünyanın hər yerində karbohidrogen ehtiyatlarının tükənməsi onun istifadəsində çətinliklər yaradır. Şübhəsiz ki, təminat tələbatdan aşağıdır.
Nadir ölkə olar ki, istənilən səviyyədə təminatı olsun. Təminatın mühüm şərtlərindən biri istehsalın artırılmasıdırsa, ikincisi, şərti istehlakda nizam-intizamın yaradılmasıdır. Bu, bəlli məsələdir. Çünki nizam-intizam olanda itki də, oğurluq da, əliəyrilik də olmur.
Şübhəsiz ki, bu qanun layihəsinin əsas mahiyyəti istehlakda intizamın təmin edilməsi ilə bağlıdır. Etiraf edək ki, təminat məsələsində əziyyət çəkənlər çoxdur, amma istifadədə israfçılığa yol verənlər də var. Enerjini çox işlədib haqqını qismən ödəyən və ya istifadə eləyib haqqını ödəməkdən imtina edən təbəqələr də vardır. Güman edirəm ki, qaz və elektrik təchizatı idarələrinin problemləri çoxdur. Biz onları başa düşməliyik, çünki onların qapı-qapı düşdüklərini də görürük. Bu barədə məndən əvvəl deyildi. Əlbəttə, mən bir sıra deputatların fikri ilə razıyam ki, cəmiyyətdə müəyyən psixoloji hazırlıq olmadığına görə bu qanunun bəzi məqamları sərtdir. Həmişə belə öyrəşmişik. Kim çox işlətdi, kim az işlətdi, fərqinə varmamışıq. Amma bir məsələ də var ki, qazın, işığın pulunu ödəməkdən imtina edənlər, yayınmaq istəyənlər çoxdur. Burada müvafiq orqanların əməkdaşları iştirak edirlər. Bəzən də bilərəkdən hər hansı bir obyektə külli miqdarda qaz və ya işıq istehlak olunur. Bəlkə də həmin enerji bir kəndin yarısına bəs eləyər. Ola bilsin, baş idarələr bunu bilmir. Amma ayrı-ayrı səlahiyyətli nümayəndələr bunu bilirlər. Bunu biz də görürük. Gəlin, bunu etiraf edək, hamımız eyiblərimizi olduğu kimi dilə gətirək.
Məndən əvvəl deputat həmkarlarım, o cümlədən Qənirə xanım bəzi məqamlara toxundu. Mən həmin məsələləri demək istəyirəm. Burada qeyri-müəyyənliklər çoxdur. Deyək ki, cüzi müəyyən miqdarda yayınma hallarına qarşı sərt cəza tədbirləri müəyyən olunur. Misal üçün, biri müfəttişlə dil tapıb, qazdan istifadə edir. Amma indi bunu sübut elə ki, həmin əlavəni bura bu gün qoşmusan, yoxsa on il bundan əvvəl. Ziyafət müəllim, burada qeyri-müəyyənliklər çoxdur. Bu mənada mən deputat həmkarlarımın fikri ilə razıyam ki, bunu dəqiqləşdirmək lazımdır. Bu, müfəttişin əlinə imkan verəcək ki, istədiyi kimi yazsın. Nə bilim, sən bunu beş aydır işlədirsən. Müəyyən qədər asılılıq, narazılıq yaranacaq, korrupsiyaya yol veriləcək və sairə. Siz özünüz də hüquqşünassınız. Bilirsiniz, qanun onda təsirli olur ki, qəti olaraq müəyyən edilir ki, hansı cinayətin cəzası nədir. Bu baxımdan hesab edirəm ki, bir qədər dəqiqləşdirmələr aparılsa, yaxşıdır.
Ümumiyyətlə, yekunda demək istəyirəm ki, belə qanunların, hüquqi normativ sənədlərin işlənib hazırlanması lazımdır və mən belə qanunların qəbul olunmasının tərəfdarıyam. Eyni zamanda, nəzərə alınmalıdır ki, o, tədricən olsun. Müəyyən istehsal obyektləri, toyxanalar var. Camaat görür ki, onun işığı yanır, amma evdə işıq keçib. Nə qədər ödədiyini də bilirlər. Ona görə də hamılıqla bu problemin həllinə kömək eləməliyik. Belə halda ödənişlərin yığılmasına böyük kömək etmiş olarıq. Mən deyilən şərtləri nəzərə almaqla, qanunun qəbul edilməsinin tərəfdarıyam. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Ziyafət Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bayaq Qənirə xanım da həmin məsələyə toxundu. Əlbəttə, istisna eləmirəm ki, Siz dediyiniz kimi, müfəttişlər tərəfindən sui-istifadə halları olur. Yəqin ki, bu heç kimə sirr deyil. Amma “külli miqdarda”, “xeyli miqdarda” anlayışları Cinayət Məcəlləsində var.
Mən Sizin nəzərinizə çatdırmaq istəyirəm, Cinayət Məcəlləsinin 177-ci maddəsində göstərilir ki, “xeyli miqdar” dedikdə minimum əmək haqqı məbləğinin min mislindən 7 min mislinədək olan məbləğ, “külli miqdar” dedikdə isə minimum əmək haqqı məbləğinin 7 min mislindən artıq olan məbləğ başa düşülür. Yəni bu məbləğ arasında mənimsəmə varsa, artıq həmin məbləğdən asılı olaraq, “xeyli miqdarda” və ya “külli miqdarda” mənimsəmə başa düşülür.
Amma burada problem başqa məsələ ilə bağlıdır. Problem ondadır ki, burada “talanma” anlayışı yazılıb. Həmin bu “talanma” anlayışının cinayət hüququnda mənası nədir? Gərək bunun izahı verilsin ki, “talanma” deyəndə nə başa düşülür? 189-cu maddənin 1-ci hissəsində “qazın, elektrik və ya istilik enerjisinin talanması, yaxud müvafiq hesablaşma uçot vasitələrinə müdaxilə yolu ilə bu enerji resurslarından qanunsuz istifadə edilməsi nəticəsində ziyan vurma” yazılıb. Əlbəttə, burada söhbət az miqdarda zərər vurmadan gedir. Bu, İnzibati Xətalar Məcəlləsinin predmetinə aid olan məsələdir. Yəni demək istəyirəm ki, Əli müəllim, yəqin, bu məsələyə baxmaq olar. Vəzifəli şəxsin məsuliyyəti ilə adi vətəndaşın məsuliyyətinin eyni maddədə verilməsi hüquqi baxımında düzgün deyil. Bunları ayırmaq lazımdır. Mən bununla razıyam. Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbii qazdan istifadə ilə bağlı Mülki-Prosessual, İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişiklikləri mən bəyənirəm. Bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Ümumiyyətlə, dövlət mülkiyyətində olan bir sıra əmlakların, o cümlədən elektrik və istilik enerjisinin, təbii qazın, suyun istifadəsində vurulan ziyana görə cəzalandırmanı, bu ziyanın qanunsuz əməl hesab olunmasını vətəndaşlarımızın çoxu qəbul etmirdi. Mən hesab edirəm ki, bu, sovet dönəmindən qalma bir psixoloji sindromdur. Talanetmənin predmetindən asılı olmayaraq, istər elektrik enerjisi, istər su, istər təbii qaz, istərsə də maddi və ya mənəvi xarakterli əmlak olsun, bu, qanunla cəzalandırılan ictimai təhlükəli bir əməldir. Hesab edirəm ki, ictimai təhlükəli hər bir əməl qanunla cəzalandırılmalıdır. Sözsüz ki, ictimai təhlükəlilik dərəcəsinə görə bu, inzibati xəta və ya cinayət olacaq.
Bu layihə ilə bağlı mənim təklifim sırf texniki xarakterlidir. Mən hesab edirəm ki, hüquq normasının predmetinin adı bütün qanunlarda eyni cür yazılmalıdır. Biz İnzibati Xətalar və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə, - söhbət 118-ci və 189.1-ci maddələrdən gedir, - qazı, sadəcə, qaz kimi göstəririk. Amma Mülki-Prosessual Məcəllənin 276.2.8-ci maddəsində bu, təbii qaz kimi göstərilir. Mən hesab edirəm ki, bu ifadənin “təbii qaz” işlədilməsi daha doğrudur. Hər halda bu, hüquq normasının predmetidir. Predmetin adı isə qanunda düz yazılmalıdır. İkinci düzəliş də texniki xarakterlidir. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində 118-ci maddənin X fəslinin adında da dəyişiklik etmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri və qonaqlar! Müzakirə olunan məsələ çox ciddidir. Birbaşa hər bir vətəndaşımızın maraqları ilə, onların gündəlik həyat şəraiti ilə bağlı olan məsələdir. Mən bu məsələnin müzakirəsindən istifadə eləyib, əvvəla, bir məsələyə münasibətimi bildirmək istəyirəm. Məndən öncə də bəzi millət vəkilləri buna münasibət bildirdilər.
Ziyafət müəllim, burada “Azərenerji”nin, “Azəriqaz”ın nümayəndələri oturub. Təsəvvür eləyək ki, indi Milli Məclis qurtarır, hamımız yorğun evə gedirik. Bir stəkan çay içmək istəyirik. Evdə bizə deyirlər ki, qaz gəlmir. Niyə qaz gəlmir? Qonşu qazın pulunu ödəməyib ona görə də qazımızı kəsiblər. Məsələyə bu cür yanaşmaq lazımdır. Eyni qaydada işıq olsun. Qonşu işıq pulunu ödəməyib, ona görə də bütün binanın işığını kəsiblər. Heç birimiz bunu normal qəbul eləyə bilmərik. Burada oturanların hər birinə sual verirəm, siz bunu necə qəbul edərdiniz? Sözsüz ki, çox pis, hər birinizin hiddətinə səbəb olardı. Amma hamımızın, qanunverici orqanın nümayəndələrinin, vəzifəli şəxslərin gözünün qabağında bütöv bir rayonun qazı kəsilib. Niyə? Yığım səviyyəsi aşağıdır. Axı, XXI əsrdə bu cür münasibət olmamalıdır. Biz bu məsələni müzakirəyə çıxarınca, yaxşı olardı ki, Prezidentin qaldırdığı məsələlərdən nəticə çıxaraq.
Bu gün “Azəriqaz”ın, “Azərsu”nun, “Azərenerji”nin vətəndaşlarla imzalayacağı müqavilənin nümunəsini müzakirəyə çıxarmalı idik. Sonra da hər bir vətəndaşa - qazın, suyun, elektrik enerjisinin istehlakçılarına qanun qaydasında tövsiyə edərdik ki, müqavilə imzalasınlar. Yəni onların da müəyyən vəzifələri yaranardı. Söhbət təkcə ondan getmir ki, bunun məsuliyyətini ancaq elektrik enerjisindən istifadə eləyən müəyyən vəzifəli şəxslər daşımalıdırlar. Bir də görürsən, heç bir əsas olmadan saatlarla elektrik enerjisini, qazı və ya suyu kəsirlər. Bayaq Oqtay müəllim dedi ki, nə təklif edirsiniz? Birincisi, mənim təklifim bundan ibarətdir.
İkincisi, əgər hər hansı vətəndaş “Azərenerji”nin bu gün satışa çıxardığı elektrik enerjisindən qanunsuz istifadə edirsə, bu oğurluqdur. Yəni buna görə Cinayət Məcəlləsinə əlavə bir maddə salınmasına heç bir ehtiyac yoxdur. Kimsə su borusunu qanunsuz deşib oradan özünə su aparırsa, cinayət törədir. İstər dövlət əmlakı olsun, istər ictimai əmlak olsun, yaxud vətəndaşın şəxsi əmlakı olsun. Həmin əmlakdan qanunsuz öz məqsədləri üçün istifadə edirsə, başqasının əmlakını gizli formada ələ keçirirsə, bu, Cinayət Məcəlləsində oğurluqdur. Açıq formada həyata keçirirsə, soyğunçuluqdur. Buna görə maddələr var. Ona görə də Əli müəllim bu məsələyə aydınlıq gətirər. Cinayət Məcəlləsinə əlavə maddə daxil edilməsinə ehtiyac var, yoxsa yox? Kim müqavilə əsasında aldığı qazın, suyun, elektrik enerjisinin pulunu vermirsə, müvafiq qurum qazın, suyun, elektrik enerjisinin verilməsini dayandırır. Sonradan haqqı ödənilməyən elektrik enerjisinin, yaxud qazın pulunu almaq üçün məhkəmə iddiası qaldırılır. Axı, bütün sivil dünyada belədir. Mülki münasibətlər çərçivəsində məsələ həllini tapmalıdır. Elektrik enerjisindən kimsə qanunsuz istifadə eləyirsə, bu oğurluqdur və bizim Cinayət Məcəlləsində xüsusi maddə nəzərdə tutulub. Ona görə də gəlin, özümüzü dağa-daşa salmayaq.
Mən çox istərdim ki, Əli müəllim bir məsələyə aydınlıq gətirsin. Başqasının əmlakından qanunsuz istifadə eləmək indiyə qədər Cinayət Məcəlləsində cinayət məsuliyyəti yaratmırdı? Bu məsələni qaldıran orqanlar qarşısında məsələ bu formada qoyulmalı idi. Ona görə də təklif edirəm ki, bu məsələnin müzakirəsinə həmkarlarım fikirlərini bildirsinlər. Amma mənim şəxsi, subyektiv fikrim ondan ibarətdir ki, bu məsələni səsə qoymayaq, gündəlikdən çıxaraq. Məsələ yenidən bunu göndərən orqanla birlikdə müvafiq komissiyalarda bir daha müzakirə olunsun. Tələsməyək, ondan sonra bunu qəbul eləyək. Bu, ciddi narazılıq yaradacaq.
Məndən öncə bəzi millət vəkilləri, hüquqşünaslar dedilər. İnzibati üsullarla, cəzalandırma yolu ilə bunu həll eləmək mümkün deyil. Prokurorluğa minlərlə, yüz minlərlə materiallar daxil olacaq. İndiki yığım faizini götürək. Vaxtilə insanlar arasında sorğu keçirilib. Mən bunu millət vəkillərinə məlumat üçün deyirəm. Onlar da bəzi məsələləri nəzərə alsınlar. “Siz niyə cinayət törətmirsiniz?” sualına əhalinin yalnız 20 faizinin cavabı belə olub: “qorxuruq ki, cinayət törətsək, bizi məsuliyyətə cəlb eləyərlər”. Cəmi 20 faiz. Tutaq ki, biz bununla əhalini qorxutduq və 20 faiz artıma səbəb olduq. Yerdə qalanların hamısını məhkəməyə verək? Məhkəməyə verəndə istintaq orqanlarına həmin materialları hazırlayıb məhkəməyə çıxarmaq üçün nə qədər vaxt lazımdır, istintaq orqanlarına nə qədər əlavə işçi lazım olacaq? Gərək orada aparat böyüyə, yaxud başdansovdu, heç bir araşdırma aparılmadan, tutaq ki, “Azərenerji”dən materiallar necə daxil olubsa, istintaq orqanı da eləcə məhkəməyə göndərəcək. Ona görə də tələsmək lazım deyil.
Bir misal da çəkmək istəyirəm. Orta əsrlərdə Böyük Britaniyada oğurluq o qədər artır ki, kral deyir: “kim oğurluq eləsə, onun qolunu vursunlar”. Hər həftənin bazar günü oğruların qolu meydanda vurulurmuş. Həqiqətən, bir müddət oğurluğun sayı azalır. Amma insan psixologiyası elədir ki, tez bir müddətdə şəraitə uyğunlaşır. Sonradan nə baş verir? Oğruların bir hissəsi meydanda edama baxan adamların evlərində oğurluq edirmiş, bir hissəsi isə meydanda camaatın sıxlığından istifadə edərək adamların cibinə girirmiş. Halbuki yüz metr o tərəfdə oğurluğa görə kiminsə qolunu kəsirlər.
Ona görə də demək istəyirəm ki, bu üsullarla qarşıya qoyulan məqsədə çata bilməyəcəyik. Bu, sırf mülki-hüquqi münasibət olduğuna görə mülki-hüquqi qaydada da öz həllini tapmalıdır. Biz xalqa xidmət eləmək istəyiriksə, gəlin ona nail olaq ki, vətəndaşlarla müqavilə bağlansın. Müqavilənin formasını təsdiq eləyək. Kim pul ödəmirsə, getsin, qazını, işığını kəssin, ödənilməyən vəsaitin də pulunu tələb eləsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, mən Sizin fikirlə razılaşa bilmərəm. Qanuna dəyişiklikləri qəbul eləmək o demək deyil ki, qanun qəbul olundu, imzalandı, camaatı kütləvi surətdə həbs edəcəklər. Qanunun məqsədi o deyil. Cinayət məsuliyyətinin müəyyən olunmasının həm tərbiyəedici əhəmiyyəti, həm də qanunsuz iş görənləri çəkindirmə mənası var. Yoxsa bizim məqsədimiz camaatı kütləvi surətdə içəri qoymaq deyil. Hər halda cinayət məsuliyyəti müəyyən olunursa, istər vəzifəli şəxs, istərsə də adi vətəndaş olsun, qanunsuz işlərdən çəkinəcək. Biləcək ki, elektrik enerjisini, qazı, istilik enerjisini oğurlamaq olmaz, çünki artıq cinayət məsuliyyəti var.
Əlbəttə, burada sanksiyaların müəyyən qədər yumşalmasından, onların iqtisadi xarakterə keçirilməsindən söhbət gedə bilər. Ümumiyyətlə, məsələnin mahiyyətini hamımız dərk eləməliyik ki, istifadə elədiyimiz qazın da, suyun da pulunu verməliyik. Məqsəd bundan ibarətdir, camaatı kütləvi surətdə həbs etmək deyil. Fərrux Zeynalov.
F. Zeynalov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, bayaq Azərbaycanın rayonlarından və bölgələrindən söhbət saldılar. Mən də Sabunçu rayonundan seçilmiş deputat kimi demək istəyirəm ki, Bakının kənd və qəsəbələrində yaranmış acınacaqlı vəziyyət heç də rayonlardan geri qalmır. Belə problemlər Bakının ətraf kəndlərində də özünü ciddi surətdə büruzə verir. Mən hər gün deputat kimi, seçicilərlə görüşürəm, kəndlərdə bu problemlə məşğulam. Mənim də bu barədə deməyə sözüm var. Söhbət yığımdan gedir, bununla bağlı narazılıqlar əmələ gəlib. Müvafiq təşkilatlara, səhmdar cəmiyyətlərə bizim hörmətimiz var. Onlar da çalışırlar ki, bu problem ortadan götürülsün. Amma nə qədər çalışsalar da, bu gün bu sahədə xidmət səviyyəsi aşağıdır. İstər işıq, istər qaz, istərsə də su sahəsində. Ona görə problemlər, xətalar da olacaq. Kasıblığa qarşı mübarizə gedən bir dövrdə təsdiq edirik ki, bu problemlər var. Adi gözlə də görünür. Amma belə bir ciddi qərarın bu formada qoyulmasının mən də tərəfdarı deyiləm.
Hamımız, hər bir Azərbaycan vətəndaşı, hətta işığın, qazın, suyun pulunu ödəməyən insan da xəcalət çəkir ki, ödəyə bilmir. Biz araşdırmalıyıq ki, nəyə görə ödəmir? İmkanı yoxdur, işsizlik üzündən ödəmir, yoxsa imkanı var, ödəmir. Bu gün burada oturan müvafiq təşkilatların rəhbərləri vəziyyəti bizdən də yaxşı bilirlər. Amma çox şeyi demirlər. Bu gün adi vətəndaş oğru deyil. Bayaq Pənah bəy dedi, Sabirabadda olduğu kimi, Bakıda da minlərlə obyekt var ki, inzibati xəta da törədir, talançılığa da yol verir. Amma bu yoldaşların heç biri ora girə bilmir. Adlarını da çəkə bilmirlər, qorxurlar, deyə bilmirlər. Bundan başlamaq lazımdır. Talançılıq buradadır. Bunu adi xalqa tətbiq eləməkdənsə, mən hesab edirəm, görünən kəndə bələdçi lazım deyil. Biz çox şeyi bilirik, amma demirik. Amma bunlar hamısını bilirlər. Elə obyektlər var ki, bir kənd qədər, qəsəbə qədər israfçılığa yol verir. Bu gün onlardan başlamaq lazımdır, onları yola gətirmək lazımdır ki, borclarını ödəsinlər. Mən bilirəm, sirr deyil, onların heç biri ora girə bilmir, heç bir tədbir görə bilmir. Gecə-gündüz işıq da yanır, qaz da gedir, su da gedir, israfçılığa da yol verilir. Amma biz bu gün işləməyən kasıb təbəqənin borclarını müzakirəyə qoymuşuq.
Mən başa düşürəm. Hamımız tərəfdarıq ki, bu borc ödənilməlidir. Bu, sədəqə deyil, xalqa qaz, işıq verilməlidir, onlar da pulunu ödəməlidirlər. Amma bu gün baxaq, görək, biz qərar qəbul etdikdən sonra insanlar ödəyə biləcəklərmi? Vəziyyət bununla düzələcəkmi? Xeyr. Eyni zamanda, bilirik ki, israfçılığa yol verənlər kimdir. Həmin obyektlər aşkara çıxarılmalıdır. Onları məcbur etmək lazımdır ki, enerjinin pulunu ödəsinlər. Əlbəttə, icra strukturları da öz təsirini göstərməlidirlər, yığım artmalıdır.
Mən Sabunçu rayonunun 27-ci seçki dairəsini əhatə eləyən 6 kənd və qəsəbənin bələdiyyələri ilə mütəmadi iş aparıram. Onlar da camaatın siyahısını tutublar. Ödəyirlər, amma problemlər aradan götürülməyib. Satıcı ilə alıcı arasında nə qədər ki sivil münasibət yoxdur, bu proses davam edəcək. Tutaq ki, biri mən, borcu ödəməyən kimi məni cinayət məsuliyyətinə cəlb elədilər. İşığın zəifliyindən evdə mənim bütün cihazlarım yanıb, qazın da təzyiqi aşağıdır. Bu gizli deyil. Mən buna görə nə qaz idarəsini, nə də işıq idarəsini qınayıram. Dünən mən “Bakıelektrikşəbəkə”də olmuşam. Çox böyük işlər görürlər. Amma qışda güc düşür, soyuq aylardır. Bir tərəfdən də qazın azlığı işıqda gərginlik yaradır. Ona görə də qışda belə bir ciddi qərarın qəbul olunmasını mən məqbul hesab eləmirəm. Xahiş edirəm ki, maddələrə yenidən baxılsın.
Əlbəttə, nə qədər ki israfçılıq var, bu məsələ həllini tapmayacaq. Mən də tərəfdarıyam ki, təşkilatlarla bağlı məsələ qaldırılsın. İsrafçılığa imkan yaradan təşkilatlar bu gün adi gözlə görünür, barmaqla göstərilə bilər. Əhaliyə hələlik şərait yaratmaq lazımdır, mümkün qədər yığımı artırmaq lazımdır, amma onları işıqsız, susuz qoymaq olmaz.
Sabah məhkəməyə verəndə bu idarələr uduzacaqlar. Ona görə ki, yüksək xidmət yaradılmayıb. Qaz da, işıq da keyfiyyətsizdir. Mən inanmıram ki, bu məsələdə ciddi dönüş yarada bilərik. Ola bilər, bəlkə də müvəqqəti olaraq Neft Fondundan bir az dotasiya verilsin. Oqtay müəllim tamamilə düz buyurdu ki, bu idarələr çalışmalıdır. Biz bu işləri görmüşük, bilirik, iqtisadçıyıq. Bu idarələr tamamilə çətin vəziyyətdə qalıblar. Onları vəziyyətdən çıxarmaq üçün dövlət müvəqqəti olaraq qış dövründə onlara dotasiya versin və camaat bu çətinlikdən çıxsın. Gələcəkdə Allah kərimdir, bəlkə məsələlər düzəldi.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edır
Sədrlik edən. İndiyə kimi “Allah kərimdir” deyə-deyə, gəlib bu yerə çatmışıq.
F. Zeynalov. Oqtay müəllim, biz gərək aydınlaşdıraq ki, imkanı var ödəmir, yoxsa imkanı olmadığı üçün ödəmir. Söhbət bundan gedir. Biz hər gün kəndlərdəyik. Kasıb ailədir, 5 nəfər ailə üzvü var, işləmir. Öz günahı üzündən işsiz deyil. Özünüz bilirsiniz, keçid dövrüdür. SSRİ dağıldı, müəssisələr bağlandı, yüz minlərlə işsizlər ordusu əmələ gəlib. Bunların nə günahı var ki?
Möhtərəm Prezidentimiz də, Siz də bu barədə çalışırsınız. İnanırıq ki, yaxın gələcəkdə bu çətinliklər öz həllini tapacaq. Amma bu gün belə ciddi qərarın ortaya qoyulması, mən hesab edirəm ki, dövlətçiliyi qorumaq deyil. Əksinə, gərginlik yarada bilər. Eyni zamanda, bilirik ki, israfçılığa yol verən kimdir, talançılar kimdir? Bunu bilə-bilə, xalqı Cinayət Məcəlləsinə cəlb etməyi mən qəbul eləyə bilmirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılan məsələ elə məsələdir ki, hər birimiz fikrimizi bildirməliyik. Mən hesab edirəm ki, yoldaşların qeyd elədiyi kimi, hamı ödənişləri yerinə yetirməlidir. Əgər malı alırsansa, pulunu verməlisən.
Mən yaxın günlərdə bir həftə Qazax rayonunda oldum. Sizi inandırıram ki, hamı bir nəfər kimi qazın da, işığın da pulunu ödəyir. Bu nə ilə bağlıdır? Artıq rayonda hamının qazı da, işığı da sayğaclaşıb. İnsanların hamısı qənaətlə işləyir, qənaətlə istifadə edir. Televiziyada da eşidirsiniz ki, Qazax rayonunda yığım təxminən 92-95 faizdir. Bizim milləti o qədər də qanuna tabe olmamaqda günahlandırmaq düzgün deyil. Bizim millət qanuna da tabedir, reallığı da qəbul eləmək lazımdır.
Mən hesab edirəm ki, bu gün bütün günahları əhalinin üzərinə qoymaq düzgün deyil. Ümumiyyətlə, maliyyə sanksiyaları nə qədər güclü olsa, o qədər də yaxşı nəticəsi olar.
Mən qanunun yumşalmasının heç vaxt tərəfdarı olmamışam. Doğrudan da, qanun ciddi qəbul olunmalıdır. Ancaq qanun insanlara xidmət etməlidir. Hər bir məsələ müqavilə ilə tənzimlənməlidir. Burada həmkarlarım qeyd elədi. Əgər mal satanla mal alan arasında bütün məsələlər müqavilə ilə tənzimlənməsə, heç nə əldə eləmək mümkün olmayacaq. Mal satan gətirib sayğacını qoymalıdır, tərəzisini qoymalıdır. Malını çəkib, pulunu almalıdır. Əgər bu məsələ həll olunmasa, mən inandırıram ki, nə işıq pulu yığılacaq, nə qaz pulu, nə də işimiz tənzimlənəcək.
Bu gün Azərbaycanda olan qaz, işıq ehtiyatı bəlkə də bizə bəs edər. Bu gün ona görə bəs etmir ki, sayğac yoxdur. İnsanlar istənilən formada istifadə edir, talançılıq edir. Əgər sayğac olsaydı, hər bir şüurlu insan qazdan da, işıqdan da qənaətlə istifadə edər və pulunu da ödəyərdi. Mən hesab edirəm ki, birincisi, bu qanun layihəsində mal satanla mal alan arasında müqavilə imzalanması öz əksini tapmalıdır. Onların hər birinin hüquq və vəzifələri orada göstərilməlidir.
Bu gün Fərrux müəllim də qeyd elədi. Əgər işıq zəif olursa, evdə televizor, soyuducu yanırsa, digər elektrik avadanlıqları sıradan çıxırsa, yaxud qaz gecə verilmirsə, biri qaz sobasını açıq qoyur və qaz gələndən sonra evdə partlayış olursa, bunun əvəzini kim ödəməlidir? Bunun məsuliyyətini kim daşımalıdır? Qaz satan da, işıq satan da tam şəkildə öz vəzifələrini yerinə yetirməlidir. Sonra camaatdan tələb edib, onların ödənişini yığmaq mümkündür.
Bu gün Suraxanı rayonunda mənim seçildiyim ərazidə çox böyük problemlər var. Bu günə qədər sayğaclar qoyulmadığına görə insanlardan tələb edirlər ki, sənin evində bir dənə hamam qızdırıcısı olub, bir dənə başqa şey olub və onun müqabilində bu qədər pul verməlisən. Halbuki orada heç qaz olmayıb. Neçə illərdir ki, həmin insanlar qazdan istifadə etmir, amma onlardan pul tələb eləyirlər. Mən hesab edirəm ki, bu günə qədər olan sayğacsız borclar üçün müəyyən vaxt verilməlidir. Bir ilmi, iki ilmi? Müqavilə bağlansın, vətəndaş tərəfindən onun ödənişinə zəmanət verilsin. Onu gözləmək lazımdır. Ancaq bu gün sayğaclar qoyulmalıdır. Sonra nə qədər istifadə olunursa, insanlar yavaş-yavaş yox, ay tamam olan kimi pulunu ödəməlidirlər. Ancaq borcları müəyyən möhlət verməklə ödətmək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vasif Əliyev.
V. Əliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən qısa bir arayış vermək istəyirəm. Bizim hörmətli millət vəkillərinin yadına salım. Deməli, 1970-80-ci illərdə respublikada enerji təhlükəsizlik sistemi bizim ümummilli liderimiz Heydər Əliyev tərəfindən yüz faiz təmin olunurdu. Məlum səbəblərdən sonra 1988-93-cü illər arasında bütün sahələr tənəzzülə getdiyi kimi, neft-qaz sənayesi də tənəzzülə uğradı. Bu sahə uçurumun qabağında dayanmışdır.
1993-cü ildə ümummilli liderimiz hakimiyyətə gələndən sonra əmin oldu ki, Azərbaycan xalqının güzəranını yaxşılaşdırmaq üçün mütləq enerji təhlükəsizlik sistemi bərpa olunmalıdır. Bu məqsədlə investisiya cəlb olunmalı idi. Çünki respublikada maddi vəsait yox idi. 1970-80-ci illərdə Azərbaycan Respublikası ildə 14,5 milyard kub metr qaz hasil edirdi və Azərbaycana tam çatırdı. 1993-cü ildən ruslardan 4,5 milyard kub metr qaz almağa başladıq. Əhalinin əksəriyyəti elə bilir ki, bu qaz əhali üçün alınırdı. Xeyr. Bu qaz istilik, elektrik stansiyaları üçün alınırdı. Azərbaycanda hasil olunan qaz, demək olar ki, özümüzə çatırdı. Birdən-birə rayonlar sistemə qoşulurdu. Bir quyu qazmaq üçün bu gün 40-50 milyon dollar vəsait tələb olunur. Bilirik ki, Azərbaycanda təmiz qaz yatağı yoxdur. Bu il hörmətli Prezidentimiz tapşırıq verdi ki, ola bilsin, ruslardan qaz almayaq. Bu o demək deyil ki, Azərbaycanda qaz yoxdur. Xeyr. Həmin 4,5 milyard kub metr qazı 3,8-4 milyon ton mazut əvəz edəcək. Bu mazut da stansiyalara veriləcək. Burada heç nə azalmır. Rusiya qazın qiymətini 230 dollara qaldırıb. Amma Avropa ölkələrində 400-450 dollara çıxır. Ona görə də cənab Prezident qərar qəbul elədi ki, lazım olsa, biz öz neftimizdən mazut alıb istilik elektrik stansiyalarına verməliyik.
Mən Astaradan deputat seçilmişəm. Orada qazlaşdırma, elektrik enerjisinin sayğaclarının quraşdırılması, demək olar ki, yüksək səviyyədə yerinə yetirilir. Üstəlik “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramında yazılıb ki, əvvəl qaz verilən yerlərə qaz bərpa olunmalıdır. “Azəriqaz” bu işləri yerinə yetirir. “Azərenerji” də yerinə yetirir. Amma bəla burasındadır ki, 1970-80-ci illərdə quraşdırılan elektrik transformatorları, qaz xətləri köhnəlib. O vaxt kənddə 15-20 ev vardı və bir transformator çatırdı. İndi 400-500 ailə yaşayır, bir transformatorun gücü çatmır. Birdən-birə 40 transformatoru “Azərenerji” haradan tapmalıdır?
Əgər elektrik enerjisinin, qazın haqqı yığılmırsa, “Azəriqaz”, “Azərenerji” nə vaxta qədər dövlətdən dotasiya almalıdır? Bu düzgün deyil. Bu, iqtisadiyyata çox ziyan verən bir üsuldur. Ona görə də mən hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi vacibdir. Mütləq bu qanun qəbul olunmalıdır. İnanın, imkanlı adamların əksəriyyəti qaz, işıq pulunu vermir. Amma imkansızlar qazın, işığın pulunu vaxtında verirlər. İmkansız dedikdə dövlət tərəfindən müavinət, sosial yardım alanları nəzərdə tuturam. Onlar imkan daxilində verir. Verməyən imkanlı şəxslərdir. Ona görə də bu qanun mütləq lazımdır.
Etiraf etmək lazımdır ki, “Azəriqaz” və “Azərenerji” öz işlərinin öhdəsindən gəlirlər. Bütün imkanlardan istifadə edirlər ki, əhalini qazla, elektrik enerjisi ilə təmin etsinlər. Baxın, Astarada su təchizatı sistemi ildən-ilə yaxşılaşır. Beş il bundan əvvəl evlərə su gəlmirdi. İndi az da olsa gəlir. Demək, bu iş gedir. Mən hesab edirəm ki, bu qanun layihəsi çox vacibdir və həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Amma burada bəzi deputatlar müqavilə məsələsinin bu qanuna salınmasını təklif edirlər. Bu çox gözəl təklifdir. Mənə elə gəlir ki, buna da baxmaq yerinə düşərdi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz məsələ işıq, qaz və elektrik enerjisinin haqqının ödənilməsi sahəsində yaranan problemlərlə bağlıdır. Əslində bu problemlər sosial xarakterlidir. Dünya təcrübəsində sosial xarakterli problemlərin həllinin yolu da sosial yoldur. Yəni sosial xarakterli problemləri cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə həll etmək əsasən səmərə vermir, uğur gətirmir. Düşünürəm ki, biz də bu problemin həllini tapmalıyıq və bu məsələyə qlobal yanaşmalıyıq. İlk öncə problemin kökündə duran səbəbləri, problemin mahiyyətini araşdırmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev bu borcların yığılması sahəsində olan vəziyyəti qeyri-qənaətbəxş hesab edib və bu məsələ ilə bağlı müraciət edib. Çox haqlı tənqiddir. Məhz bu tənqid nəticəsində çox ciddi dönüş yaradılıbdır. Qısa müddətdə elektrik enerjisinin və qazın istehlakına görə haqların yığımında çox ciddi irəliləyiş əldə olunub. Hörmətli həmkarlarımın da qeyd etdiyi kimi, bu irəliləyişin qısa müddətdə əldə olunması bu sahə ilə məşğul olan məmurların öz işinə nisbətən məsuliyyətli yanaşmasından irəli gəlir. Bu o deməkdir ki, bu gün məsuliyyəti biz əhalinin üzərinə atmaqdansa, həmin məmurların qarşısında daha çox tələblər qoymaqla problemin ciddi həllinə nail ola bilərik.
Təəssüflər olsun ki, bizə təqdim olunan bu layihə məsuliyyəti daha çox həmin strukturların üzərindən əhalinin üzərinə atır. Bu baxımdan hesab edirəm ki, bəlkə də mahiyyət etibarı ilə bu, populist layihədir, bir o qədər də səmərə verməyəcək. Millət vəkilləri olaraq, biz bölgələrdəki vəziyyəti gözəl bilirik. Bilirik ki, işıq, qaz infrastrukturunun vəziyyəti hansı səviyyədədir. Mənə elə gəlir ki, millət vəkillərinin heç biri deyə bilməz ki, seçildiyi bu bir il müddətində transformatorların yanması, elektrik naqillərinin sıradan çıxması, qaz boru xətlərində itkilərlə bağlı onlara yüzlərlə müraciət edilməsin. Qış mövsümü girəndən bəri deputatların qayğıları artıb. Ayrı-ayrı kəndlərdə, bölgələrdə transformatorların sıradan çıxması ilə bağlı onlarla müraciət edilir. Biz imkanlarımızı səfərbər edərək, müxtəlif vasitələrlə bu problemlərin aradan qaldırılmasına çalışırıq.
Təəssüflər olsun ki, “Azərenerji”nin, “Azəriqaz”ın bu istiqamətdə fəaliyyəti bir o qədər də nəzərə çarpmır. Məsələn, mənim təmsil olduğum Goranboy rayonunda bəlkə də yüzlərlə transformator yenisi ilə əvəzlənməlidir. Bu transformatorların əksəriyyəti ötən əsrin 60-cı illərindən istifadədədir. Bunlar öz istifadə müddətini bitiriblər. Elektrik xətləri də 60-cı illərdə quraşdırılan xətlərdir. Eyni zamanda, bu sözləri qaz xətləri haqqında da demək olar. Üstəlik təsərrüfatların da sayı artıb. Hər hansı bir kənddə vaxtı ilə 60-70 təsərrüfat mövcud idi. Bu gün onların sayı 2-3 dəfə artıb və həmin naqillər, həmin transformatorlar bu gərginliyə cavab verə bilmir, qısaqapanmalar olur. Belə olan halda əhali pulunu ödəyəndə də günlərlə elektrik enerjisi almır. Belə olan halda bunun məsuliyyəti kimin üzərinə düşməlidir?
Ona görə də mən düşünürəm ki, cinayət məsuliyyəti tətbiq etməmişdən əvvəl, ilk növbədə, sayğaclaşdırma prosesi başa çatmalıdır, daha sonra qaz və işıq infrastrukturunun vəziyyəti düzəlməlidir. Bu gün işıq və qaz infrastrukturu əksər rayonlarda bərbad vəziyyətdədir. Bu istiqamətdə heç bir ciddi addım atılmır.
Eyni zamanda, mən yol verilən bəzi neqativ hallardan danışmaq istəyirəm. Mənə Bakının bir neçə rayonlarından müraciət olunub. Məsələn, Bakının rayonlarından birində mənzildə tək yaşayan bir şəxs müraciət edib. Ondan bir il ərzində 4 adama hesablanmış qazın haqqı tələb olunur. Həmin insan orada tək yaşadığına baxmayaraq, cavab veriblər ki, bizim kompüterlərimiz səhv edib və Siz bu pulu ödəməlisiniz. Çünki bu artıq kompüterdə var. Bu yanaşmanın özü dəyişməlidir. Yəni bu, müvafiq strukturların, məmurların işə səhlənkar yanaşmasından, neqativ halların olmasından xəbər verir.
Mən çox gözəl anlayıram ki, bizim qaz sistemimiz, enerji sistemimiz dotasiya ilə işləyir. Deməli, dövlət subsidiyalar, dotasiyalar ayırmaqla enerji xərclərinin müəyyən qismini ödəyir. Biz məsələnin həllini tapmaq üçün işə bu prizmadan yanaşmalıyıq. Bu gün “Azərenerji” elektrik enerjisinin hər kilovat saatını dövlətdən baha qiymətə alaraq əhaliyə ucuz qiymətə satır. Belə olan halda öz evində cəmi iki lampadan istifadə eləyən aztəminatlı əhali dövlətin büdcəsinə daha az ziyan vurur, nəinki dörd mərtəbəli villası olan bir insan. Aztəminatlı əhali ilə müqayisədə daha çox elektrik enerjisi istifadə edən villa sahibi dövlət büdcəsinə daha çox ziyan vurur. Ona görə də mən elə gəlir ki, burada mexanizm hazırlamaq lazımdır.
Ola bilsin ki, elektrik enerjisinin, qazın istehlakına görə müəyyən bir həddə qədər dövlət dotasiyası saxlansın. Həmin həddən yuxarı isə abonentlər artıq müvafiq bazar qiyməti ilə istifadə etdikləri elektrik enerjisinin və təbii qazın pulunu ödəməlidirlər. Mənə elə gəlir ki, bu, vəziyyətdən daha düzgün çıxış yoludur. İndiki halda mən hörmətli həmkarlarımla razıyam ki, elektrik enerjisinin, qazın pulunu ödəyə bilməyən insanların böyük əksəriyyəti bunu cinayət törətmək məqsədi ilə yox, sadəcə, imkansızlıqdan edir. Nəzərə alaq ki, işsizlik problemi də var və əhalinin 29 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Belə olan halda həmin insanlara qarşı bu qədər sərt tədbirlərin tətbiq olunması, mənə elə gəlir ki, bir o qədər də səmərə verməyəcək. Ən azı sayğaclaşdırma prosesi sona çatana qədər, infrastrukturun bərpası istiqamətində müəyyən ciddi konkret addımlar atılana qədər, mənə elə gəlir ki, biz bu layihənin qəbul edilməsini təxirə salmalıyıq.
Sonda bir məsələni də demək istəyirəm. Azərbaycan Respublikasının Prezidentinin bütün fəaliyyəti, bütün əməli addımları Azərbaycan insanının mənafeyinə yönələn addımlardır, humanist, insanpərvər addımlardır. Büdcəmiz də sosial təmayüllü, sosial yüklü büdcədir. Prezidentimizin siyasəti də sosial siyasətdir. Mənə elə gəlir ki, bizim qəbul etdiyimiz hər bir qanun da Prezidentimizin siyasətinə uyğun gəlməlidir. Məsuliyyətin artırılması zəruriyyəti yaranırsa, məmurlardan daha çox məsuliyyətli olmağı tələb etməliyik, nəinki problemləri aztəminatlı əhali üzərinə atmaqla onun həlli yollarını araşdırmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Gültəkin xanım. Burada aztəminatlı ailədən söhbət getmir. Mən Sizin nəzərinizə çatdırım ki, aztəminatlı ailələrin əksəriyyəti daha çox işıq pulu verir. İkincisi, Siz dediyiniz kimi, dövlət elektrik enerjisinə dotasiya vermir. Xahiş edirəm, onu dəqiqləşdirin. Həqiqətən, bizdə elektrik enerjisinin qiyməti xarici ölkələrə nisbətən aşağıdır. Təkliflərdən də belə çıxır ki, verilən işığın, qazın pulunu ödəmək lazımdır. Bu çox vacib məsələdir. Ona görə də fikirləşəndə məsələnin hər iki tərəfini fikirləşmək lazımdır. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən də təqdim olunan qanun layihəsinin vacibliyini və zəruriliyini diqqətinizə çatdırmaq istəyirəm. Mənim başa düşdüyümə görə bu qanun layihəsinin fəlsəfəsinin başlıca mahiyyəti elektrik, qaz və istilik sistemində qayda-qanunu möhkəmlətmək və müəyyən boşluqları aradan qaldırmaqdır. Gəlin bir məqamı etiraf eləyək və hörmətli Sədrimiz Oqtay müəllimlə razılaşaq ki, adi vətəndaş, təqaüdçü, müəllim və ya həkim sərf etdiyi işığın pulunu yüz faiz verir. Mən bunun dəfələrlə şahidi olmuşam. Qazın pulunu o adamlar vermir ki, istixanası var. Həmin istixanaya qanunsuz qaz xətti çəkib və qaz pulunu ödəmir. Deyildiyi kimi, məhkəməyə verilir, yenə ödəmir. Beləcə zəncirvarı reaksiya başlayır. Ona görə də bu baxımdan qanun layihəsi işığı, qazı qənaətlə istifadə etməyən, ona yetərincə qeyri-ciddi münasibət bəsləyən insanlara şamil edilməlidir və düşünürəm ki, şamil ediləcəkdir.
İndi ən böyük problem həm elektrikin, həm də qazın sayğaclaşdırılması məsələsidir. Mən konkret misal gətirmək istərdim. Seçildiyim Salyan rayonunda harada elektrik enerjisinə sayğac qoyulubsa, orada elektrik enerjisinin haqqının ödənilməsi 99-100 faizdir. Harada sayğaclaşdırma yoxdursa, orada qeyri-müəyyənlikdir.
İkincisi, elə rayonlar var ki, orada elektrik xətləri ötən əsrin 60-cı illərində çəkilib və xeyli dərəcədə enerji itkisinə yol verilir. Həmin elektrik enerjisinin itkisi də həmin rayonun əhalisinin ayağına yazılır. Yəni istifadə etdiyi enerjidən başqa, itkiyə gedən elektrik enerjisinin də pulunu camaat ödəməlidir. Bu da düşünülməlidir. Bu cür yanaşma üsulu düzgün deyil.
Əhalinin elektrik enerjisinə olan ehtiyacını ödəmək üçün ölkə Prezidentinin həyata keçirdiyi siyasət özünün bəhrəsini verir. “Azərenerji” Səhmdar Cəmiyyəti elektrik xətlərinin təzələnməsinə, həmçinin burada deyildiyi kimi, elektrik avadanlıqlarının yeniləşməsinə xüsusi fikir verməlidir, sayğaclaşdırma prosesi sürətləndirilməlidir. Eyni zamanda, bir qayda tətbiq olunmalıdır.
Misal üçün, Salyan rayonunda yenə də qaz çəkilib. Kənddə elə adam var ki, o, qazın pulunu verir, elə adam da var ki, vermir. Sayğacı olmadığına görə bəri başdan bütün kəndin qazı kəsilir. Beləliklə, 5-10 nəfərə görə bütövlükdə kənd əzab çəkir. Bu üsullara da son qoymaq lazımdır. Ona görə də mənə belə gəlir ki, bu qanun layihəsi hər halda bu sahədə özünü göstərən xoşagəlməz halların aradan qaldırılmasını təmin eləyəcək. Mənə elə gəlir ki, vəzifəsi olmayan səlahiyyətli şəxslərin məsuliyyətinin artırılması onların pul mənimsəməsi imkanlarını sıfıra endirəcəkdir. Bu qanunun qəbul edilməsinə mən tərəfdaram. Hörmətli millət vəkillərimiz məndən xahiş etdi ki, qanun layihəsinin səsə qoyulmasını təklif edim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz bu gün elə dəyişiklikləri və əlavələri müzakirə eləyirik ki, bu, əhalimizin, demək olar ki, hamısının maraqlarına toxunan bir məsələdir. Mən təklif edirəm ki, gəlin, bu məsələdə tələsməyək. O deputatlar ki tələm-tələsik bu məsələni səsə qoymağı təklif edirlər, yaxşı olar ki, əvvəlcə öz seçicilərinin real vəziyyəti ilə, qaz və elektrik məsələlərinin bu səviyyəyə gəlib çatması ilə tanış olsunlar. Ondan sonra bu formada təkliflər versinlər.
Oqtay müəllim, əgər biz qanun layihəsini bu formada qəbul eləsək, onda Ədliyyə Nazirliyinə kredit ayırmaq lazımdır ki, yeni həbsxanalar şəbəkəsi tiksin. Ziyafət müəllim burada dedi ki, bizim məqsədimiz adamları həbs eləmək deyil. Ziyafət müəllim, biz ancaq qanunu qəbul edirik, adamları həbs eləmək digər orqanların funksiyasıdır. Biz qanunu bu cür qəbul eləməklə, həmin orqanlara imkan yaradırıq ki, necə deyərlər, hələ axıracan hələ müəyyən olmayan məsələ ilə bağlı insanları həbs eləsinlər.
Bir neçə məsələyə toxunmaq lazımdır. Birincisi, qaz və elektrik niyə çatmır? Rəqəmlərə baxırsan, sanki rəqəmlərdə hər şey qaydasındadır. İndiki vaxtı 1970–80-ci illərlə müqayisə elədilər. Ölkənin 20 faizinə qaz, elektrik enerjisi verilmir. Vaxtı ilə ən böyük istehlakçı olan zavodlar, fabriklər işləmir. Necə olur ki, o dövrdə bunlar çatırdı, indi çatmır? Deməli, bunun arxasında ciddi bir məsələ dayanır.
İkincisi, hörmətli Milli Məclis rəhbərliyi, ölkədə 1 milyon 400 min təqaüdçü var. Bunların 70 faizi minimum pensiya alır. Gəlin, biz hesablayaq. Onun bir ayda ödədiyi enerji daşıyıcılarının qiyməti ilə aldığı pensiyanın arasında fərq nə qədərdir? Bu mümkün deyil. Dövlət orqanlarında işləyən 600 min adam minimum əmək haqqı alır. Minimum əmək haqqı ilə enerji daşıyıcılarının qiyməti arasında böyük fərq var.
Oqtay müəllim, mən öz şəxsi həyatımdan deyirəm. Bizə qaz sayğacı qoyulandan sonra əvvəlkindən beş dəfə az pul ödəyirəm. Vaxtı ilə bu məsələ müzakirə olunanda deyilmədi. “Azəriqaz”a sayğaclaşdırmanı həyata keçirməyə görə 30 milyon dollar kredit ayırmaq lazım idi. Onda biz bunu deyə bilmədik. Faktiki olaraq, bu gün “Azəriqaz” vətəndaşa vermədiyi qazın pulunu toplayır. Bu, heç kəsə sirr deyil. Bu, vətəndaşın cibinə girməkdir. Biz vətəndaşı oğurluqda ittiham eləyirik, amma əslində, bu, dövlət şirkəti tərəfindən çox böyük miqyasda həyata keçirilən bir oğurluq hadisəsidir.
Burada istixanalardan söhbət getdi. Əgər həmin istixanaları saxlamağa dövlət orqanları təminat vermirsə, vətəndaşa yayda demək lazımdır ki, bu işlərlə məşğul olmasın, bizim qaz təminatımız buna imkan vermir. Adamlar xərc çəkib istixana qurub, külli miqdarda vəsait qoyub. İndi biz dekabr ayında deyirik ki, sizə enerji, qaz verə bilməyəcəyik. Mənə elə gəlir ki, bunun daha sivil yolunu tapmaq lazımdır.
Deputat seçildiyim dairə Nərimanov və Nizami rayonlarının “Çermet” deyilən yaşayış sahəsini, Böyük Şor qəsəbəsini, yoxsul insanların yaşadığı məhəllələri əhatə edir. İnanın, Oqtay müəllim, əhalinin içərisinə getmək mümkün deyil. Keçmiş enerji borcları, sayğac olmadan vətəndaşların üzərinə qoyulan cərimələr, yetərincə təzyiqin olmaması və iri məhəllələrin qazla, işıqla təmin olunmadığı halda pulunu tələb etmək əhali arasında ciddi narazılığa gətirib çıxarır. Artıq bir həftədir, ayrı-ayrı rayonlardan, o cümlədən Cəlilabad rayonundan zənglər olur. Adamlar görüşməyə gəlir. Böyük bir rayonun enerjidən məhrum edilməsi nə cür izah oluna bilər? Axı, rayonda, heç olmasa, əhalinin 30-40 faizi işıq, qaz pulunu ödəyir. Uşaq bağçasından tutmuş xəstəxanalara, dövlət idarələrinə, çörək bişirilən sexlərə qədər enerji kəsilibdir. Axı, odun qırmağa böyük cərimələr qoyulub. Qazın qiyməti il yarımda 7 dəfə artırılıb, elektrik enerjisində sayğaclaşdırmanı həyata keçirmək mümkün deyil. Bu əlavə və dəyişiklikləri də vətəndaşın boynuna qoyuruq.
Mən təklif edirəm, əgər biz bu qanun layihəsinə edilən dəyişiklikləri və əlavələri səsə qoyacağıqsa, adbaad səsvermə eləyək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Cəmil müəllim. Siz çıxış edirsiniz, üzr istəyirəm, Sizə hörmətim var. Çıxışınızda bir az populistlik var. Nəyə görə? Deyirsiniz ki, 1 milyon 200 min təqaüdçü var, onlar minimum əmək haqqı alırlar. Bu 1 milyon 200 min təqaüdçünün ailə üzvü var, oğlu var, işləyəni var. Enerjini həmin təqaüdçülər tək işlətmir ki? İkincici, Bakı şəhərində elektrik sayğaclarının 90 faizi qoyulub. Baxın, nə qədər işıq pulu verilir. Çox böyük səhviniz var. Hamı vermir. Yəni dediyim odur ki, bu qanun layihəsində bir məsələ də var. Bu layihədə əhalidən çox iri şirkətlərə, məmurlara təzyiq nəzərdə tutulur.
Saat 6 oldu. Deyəsən, hələ çıxış eləmək istəyən çoxdur. Mən də istəyirəm ki, hamının fikirləri öyrənilsin. Gələn iclasda müzakirələri bu siyahı ilə davam etdirəcəyik. Sağ olun.