31.05.2017 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 43

Milli Məclisin iclas salonu.
31 may 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 95
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.

* * *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

* * *

Fazil  Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikasının 2001-ci il  29  iyun tarixl 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəl Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Haqsız rəqabət  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Uşaq hüquqları haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəl Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
32. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
35. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
37. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Qüdrət Həsənquliyev, Hacı Salayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Vüqar Gülməmmədov, Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Ziyafət Əsgərov, Tahir Kərimli, Aydın Mirzəzadə, Mahir Abbaszadə, Siyavuş Novruzov,  Samir Şərifov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 106
Nəticə: Qəbul edildi

3. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixl 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Sona Əliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

9. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəl Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

11. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

12. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

13. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

16. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

17. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 99
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

20. “Haqsız rəqabət  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

21. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

22. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Aqiyə Naxçıvanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

24. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar Quliyev, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

25. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

26. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar Quliyev, Fazil Mustafa, Çingiz Qənizadə, Qənirə Paşayeva

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

29. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

30. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəl Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

32. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

33. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.38 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Qənirə Paşayeva, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

35. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Cəbrayılov, Zahid Oruc, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.09 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

36. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.10 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

37. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

31 may  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 98
Yetərsay 83

Yetərsay var. Çox sağ olun, gündəlik təsdiq edildi.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Gündəlikdə 38 məsələ var və bildiyiniz kimi, yeni qanun layihələri də gəlir. 84 millət vəkili bu qanunlara görə müraciət edib, yəqin ki, növbədənkənar sessiyalarımız olacaq.
İndi xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Gündəlikdə məsələlər çoxdur, ona görə müzakirəsiz işləyəcəyik.
Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Əmək Məcəlləsinə bir sıra dəyişikliklər nəzərdə tutulmuşdur. Bu, əmək münasibətlərini tənzimləyən, yaxşılaşdıran məsələlərdir. Bunlar, əsasən, 45-ci, 73-cü və 77-ci maddələrə edilən dəyişikliklərdir.
45-ci maddədə dəyişikliyin məqsədi müqavilələrin müddətsiz və lazım olan vaxtlarda müddətli bağlanmasıdır ki, bu da, əlbəttə, çox əhəmiyyətli bir məqamdır.
77-ci maddəyə edilən dəyişiklikləri diqqətinizə çatdırım. Əvvəllər işsizliyə görə müavinətlər verilirdi. Bu gün biz sizinlə “Sığorta haqqında” Qanuna baxacağıq. O qanun qəbul olunandan sonra bir sıra digər məqamlar ortaya çıxır. Burada da ən önəmli məsələ odur ki, işsizliyə görə vətəndaşı, işçini qabaqcadan məlumatlandırmaq məsələsində müəyyən müddətlər nəzərdə tutulur və o adamlara verilən müavinətlərin həcmində də çox maraqlı uyğunluqlar əmələ gəlir.
Digər bir məqam stajla bağlı olaraq işsiz qalan əməkçiyə münasibətin fərqli olmasıdır. Yəni daha çox iş stajı olan adama qabaqcadan xəbərdarlıq edilir ki, sənin işdən azadolma məsələn necə olacaq.
Burada digər bir məqam da əlavə müavinətlərin verilməsi ilə bağlıdır. Vətəndaş, ola bilər, işəgötürənlə razılaşsın ki, onun işdən azad olunması üçün nəzərdə tutulan 2 ay müddətinin əvəzinə bir həftə ərzində işdən getsin. Belə olanda ona əlavə müavinət də verilir. Beləliklə, hər 3 maddədə edilən dəyişiklik vətəndaşın, əməkçinin xeyrinədir. Xahiş edirəm, bu dəyişikliklərə səs verəsiniz.
Sədrlik edən. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev.  Çox sağ olun, cənab Sədr. Əlbəttə, hesab edirəm ki, bu qanunun 45-ci maddəsinə edilən dəyişikliyi müdafiə edə bilərik. Əvvəl belə müəyyən olunmuşdu ki, müddətli əmək müqaviləsi 5 ilədək müddətə bağlanılır. İndi isə o müddət işəgötürənlə işçi arasında razılaşma əsasında müəyyənləşir. Yəni bu tamamilə normaldır.
Amma mən hesab edirəm ki, 77-ci maddəyə edilən dəyişikliyi qətiyyən qəbul eləmək olmaz. Bu, ayrı-seçkiliyə yol açır və hörmətli Hadi müəllim də bizim üçün əsaslandırmadı ki, niyə belə yeni normalar müəyyən olunub? Misal üçün, bir ilədək əmək stajı olduqda qeyd olunur ki, azı iki təqvim həftəsi öncədən həmin işçiyə məlumat verilməlidir ki, sən işdən çıxarılacaqsan.  Amma qeyd olunur ki, bir ildən 5 ilədək əmək staji olduqda 4 təqvim həftəsi, 5 ildən 10 ilədək əmək staji olduqda azı 6 təqvim həftəsi, 10 ildən çox əmək staji olduqda azı 9 təqvim həftəsi öncə məlumat verilməlidir ki, sən işdən çıxarılacaqsan. Bu ayrı-seçkilik nəyə lazımdır?
Tutaq ki, bunun 3 il əmək stajı var. Onun ailəsi, uşaqları var, maaş alır, ailəsini dolandırmalıdır. Biz birinə deyirik ki, sən 5 il işləmisən, sənə filan qədər əvvəldən xəbərdarlıq eləməliyik, o birinə isə demirik.
Onsuz da müəssisənin rəhbəri bilir ki, onun müəssisəsinin iqtisadi durumu necədir. O, ixtisarlara getməlidir. Bu barədə də xeyli öncədən həmin işçilərə məlumat verməlidir ki, siz ixtisar olunacaqsınız.
Eyni qaydada hesab edirəm ki, burada diskriminasiya var. Yenə də gənc işçi işdən çıxarılırsa, deyir ki, sənə az vəsait ödəyəcəyik, amma çox işləyənə daha çox vəsait ödəyəcəyik. Bu, pensiya deyil ki, hansısa ödənişlər edib, gələcəkdə daha çox pensiya alsın deyim. Burada söhbət ondan gedir ki, işə düzələnə qədər həmin vəsait o işçiyə verilir ki, ailəsini dolandıra bilsin. Ona görə düşünürəm ki, 77-ci maddə əsaslandırılmayıb və biz bu dəyişiklikləri qəbul edə bilmərik. Əvvəlki variant daha ədalətlidir, işçilərin maraqlarına daha çox xidmət eləyir. Biz də düşünürəm ki, ayrı-ayrı şirkətlərin, iş adamlarının deyil, sadə insanların, işçilərin hüquqlarını qorumalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Buyurun, Hadi müəllimə mikrofon verin.
H.Rəcəbli. Təşəkkür edirəm, Oqtay müəllim. Deməli, burada dünyanın 72 ölkəsinin təcrübəsi öyrənilib. Çox stajı olan adamın o müəssisədə daha çox xidməti var və ona uzun müddətdə xəbərdarlıq verilir. Məsələn, ona iki ay, o birinə isə 15 gün müddət deyirlər. Mən düşünürəm ki, bu, daha ədalətlidir, çünki daha çox işləyən adama işdən azad olunması üçün daha uzun müddət vaxt verirlər.
Qüdrət müəllimin dediyində bir həqiqət var ki, əlbəttə, cavan adam nisbətən daha tez iş tapa bilər. Bu baxımdan bu düzəliş olduqca ədalətli və dünya təcrübəsinə uyğundur.
Burada digər müddəa da var. 77-ci maddənin 3.2.3-cü hissəsində dediyimiz kimi, belə məsələlər nəzərə alınıb. Bütövlükdə dünya təcrübəsinə uyğundur və bunun içərisinə girəndə görürük ki, daha ədalətli qərardır. Xahiş edirəm, deputat həmkarlarım bu layihəyə səs versinlər.
Sədrlik edən. Sağ olun. Hacı Salayev. Xahiş edirəm, əvvəldən yazılın ki, növbə olmasın. Buyurun.
H.Salayev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də bu qanunla əlaqədar fikrimi bildirmək istərdim. Millət vəkili olmazdan qabaq uzun müddət müəssisə rəhbəri olmuşam və orada 3 minə yaxın işçi çalışıb. İş təcrübəsi olan bir adam kimi bu vəziyyətlə əlaqədar Qüdrət müəllimin təklifinə dəstək vermək istəyirəm. Bu gün həm Azərbaycanda, həm də beynəlxalq miqyasda təcrübəsi çox olan adamlar daha tez iş yeri tapa bilirlər. Təcrübəli adamdırsa, o hər bir sahədə fəaliyyət göstərə, işləyə bilər. Bu qayda iş adamları, dövlət müəssisələri üçün daha rahat olsa da, amma nəzərə alaq ki, bu gün işsizlik var. Əsasən də cavan kadrlar iş axtarışındadırlar. Mən də hesab edirəm ki, bu maddə üzərində düşünək və iki ay əvvəlcədən xəbərdarlıq edilməsini hamısına tətbiq edək. Təşəkkür edirəm.
Sədrlik edən. İndi sən belə düşünürsən, ancaq dünya praktikası belədir. Burada başqa hesablamalar var, müəssisələrin müflisləşmə məsələləri və sair var. Bunların hamısı araşdırılaraq bura çıxarılır. Yəni bunu şifahi şəkildə demək doğru olmaz. Əgər kimə maraqlıdırsa, sonra araşdırar.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə  99
Əleyhinə  4
Bitərəf  1
Səs verməd 0
İştirak edir   104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bildiyiniz kimi, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə baxacağıq. Buyursun Ziyad Səmədzadə. Həmişəki kimi əvvəlcə Ziyad Səmədzadə hesabat verəcək, sonra Hesablama Palatasının rəyini dinləyəcəyik və nəhayət, müzakirələrə keçəcəyik. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2016-cı ilin bütün çətinliklərinə baxmayaraq, Azərbaycan çox mühüm qlobal layihələrə imza atmış, beynəlxalq aləmdə öz mövqeyini gücləndirmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında demişdir: “Əsas bizim uğurlu inkişafımızdır, bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik. Ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır. Kənd təsərrüfatının, strateji neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz imkanlarını gücləndirəcək”.
2016-cı il dövlət büdcəsinin icrası barədə sizlərə təqdim edilmiş illik hesabat bu fikirləri konkret faktlarla bir daha sübut edir. Milli Məclisə təqdim edilmiş illik hesabat və bu barədə Hesablama Palatasının rəyi komitənin iclasında ətraflı müzakirə edilmiş, hər iki sənədin “Büdcə sistemi haqqında” Qanuna və Hesablama Palatasının əsasnaməsinə uyğun olaraq hazırlanması qeyd olunmuşdur. Dövlət büdcəsi barədə hesabatda, eləcə də Hesablama Palatasının rəyində düzgün olaraq son illərdə qloballaşan dünya iqtisadiyyatında, xüsusilə də dünya neft siyasətində baş verən dəyişikliklərin milli iqtisadiyyatlara təsiri ilə bağlı maraqlı araşdırmalar, fikirlər açıqlanmışdır.
Hörmətli millət vəkilləri, sizin bu barədə məlumata malik olduğunuzu, eləcə də hörmətli Samir müəllimin və Hesablama Palatasının sədri hörmətli Vüqar Gülməmmədovun geniş məruzəsini nəzərə alaraq qısaca onu demək istəyirəm ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eləcə də manatın devalvasiyası ölkənin sosial-iqtisadi inkişafına, iqtisadi fəallığa öz təsirini göstərmiş, müəyyən risklər yaratmışdır. Qlobal iqtisadiyyatda qeyri-sabitliyin davam etməsi, xam neftin qiymətinin hələ də aşağı səviyyədə olması nəticəsində neft satışından daxil olan gəlirlər azalmışdır. Azərbaycan dövlətinin başçısı bu risklərin minimuma endirilməsi, iqtisadiyyatın dinamizminin qorunması məqsədi ilə sistemli tədbirlərin həyata keçirilməsini ciddi bir vəzifə kimi qiymətləndirmiş və bir sıra fərman və sərəncamlar imzalanmışdır.
2016-cı ilin dövlət büdcəsinin icrası haqqında hökumətin illik hesabatı, dövlət büdcəsinin icrası haqqında Hesablama Palatasının rəyi millət vəkillərinə təqdim edilmişdir. Sənədlərlə tanışlıq 2016-cı ildə müəyyən çətinliklərin arxada qoyulduğunu, dönüş yaradılması üçün mühüm addımların atıldığını deməyə əsas verir. 2016-cı ildə ölkədə 60,4 milyard manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 65,9 faiz təşkil etmişdir. Neft-qaz sektorunun ÜDM-də payı 2015-ci ilə nisbətən 3,4 faiz artaraq 34,1 faiz olmuşdur. 2017-ci ilin 1 yanvar tarixinə ölkənin dollar valyuta ehtiyatları 37,1 milyard manat təşkil etmişdir ki, bu da kifayət qədər yüksək bir göstəricidir.
Bəzi sahələrdə müəyyən azalmalara baxmayaraq, dövlət büdcəsinin icrası prosesində bir sıra müsbət meyllər özünü daha qabarıq şəkildə göstərmişdir. Onlardan bəzilərini qeyd edək. Son 2008–2015-ci illərdə Dövlət Neft Fondunun gəlirləri qeyri-neft gəlirlərini həmişə ötmüşdür. 2016-cı ildə isə əksinə, dövlət büdcəsinin qeyri-neft gəlirləri Dövlət Neft Fonduna edilən transfertlərdən təxminən 700 milyon manat çox olmuşdur. Bu çox müsbət bir meyldir və onun gələcəkdə də davam etməsi ölkə iqtisadiyyatında davamlılıq, qlobal risklərin minimuma endirilməsi üçün çox əlverişli şərait yaradır. Dövlət Neft Fondunun büdcə gəlirlərindəki xüsusi çəkisi 43,5 faiz təşkil etmişdir ki, bu da proqnoz göstəricisindən xeyli azdır.
Komitənin iclasında büdcə gəlirləri barədə ətraflı fikir mübadiləsi aparıldı və xüsusi olaraq vurğulandı ki, bütövlükdə dövlət büdcəsi gəlirlərinin uğurla yerinə yetirilməsi artıq stabil xarakter almışdır. Vergilər Nazirliyinin xətti ilə bütün proqnozlar artıqlaması ilə yerinə yetirilmişdir. Dövlət büdcəsi gəlirlərində onun xüsusi çəkisi 40,1 faiz təşkil etmişdir ki, bu da 2011–2015-ci illər üzrə orta göstəricilərdən çox olmuşdur.
Proqnozların yerinə yetirilməsi xeyli dərəcədə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlıdır. Bu baxımdan cənab Prezidentin 2016-cı il 4 avqust tarixli vergi sahəsində aparılacaq islahatların istiqamətləri barədə sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması, informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin idarə edilməsi alətlərinin tətbiqinə başlanılmışdır ki, bu da qloballaşan risklərin artdığı bir şəraitdə çox vacib amillərdən biridir.
Vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da inkişaf etdirilməsi, vergi orqanları tərəfindən belə vergi ödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, intizamlı vergi ödəyicilərinə xidmətlərin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə start verilmişdir. Bununla da digər vergi ödəyicilərində könüllü əməl etmənin təşviq edilməsinə nail olunması məqsədi ilə Vergilər Nazirliyində vergi orqanlarında şəffaf vergi partnyorluğu idarələri yaradılmışdır.
Ölkəyə əlavə valyuta və turizm axınının cəlb edilməsi, bu sahənin canlandırılması baxımından 2016-cı ilin iyun ayından etibarən ölkədə “Tax Free” sisteminin tətbiqinə başlanmışdır. Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilmişdir. Onu da qeyd edək ki, bu, xarici ticarət əməliyyatları üzrə iqtisadi münasibətdə olan dünya ölkələrindən Azərbaycana idxal olunan mal və nəqliyyat vasitələrinin illik dövriyyəsinə mümkün qədər öz təsirini göstərmişdir. Bu ilk növbədə ölkəyə idxal olunan nəqliyyat vasitələrinin sayının 10 dəfədən çox, ümumi idxalın həcminin isə 7,3 faiz azalması ilə əlaqədardır.
2016-cı ildə idxalın həcmi 8,5 milyard ABŞ dolları təşkil etməklə 2015-ci illə müqayisədə 700 milyona yaxın, yaxud ötən illə müqayisədə 19 faiz azalmaqla 2,8 milyard dollar həcmində mənfi saldo yaranmışdır. Görülən qabaqlayıcı tədbirlərin, o cümlədən şəffaflığın təmin olunması, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və ümumilikdə gömrük sistemində aparılan iqtisadi islahatlar nəticəsində Dövlət Gömrük Komitəsi üçün 2016-cı ilə müəyyən edilmiş 1 milyard 810 milyon manat illik büdcə proqnozu artıqlaması ilə, faktiki olaraq 2 milyard 291 milyon manat həcmində yerinə yetirilmişdir. Bunu da nəzərə almaq lazımdır ki, 2016-cı ildə bizim hesablamalara görə azadolmalar idxalın 50–55 faizini təşkil etmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, hər bir büdcə müzakirəsində dövlət büdcəsinin gəlirləri ilə yanaşı, dövlət büdcəsinin xərcləri üzrə proqnoz tapşırıqlarının yerinə yetirilməsi də ətraflı təhlil olunur. Maliyyə Nazirliyi ilə aparılan söhbətlər, Hesablama Palatasının rəyi göstərir ki, bu xərclər üzrə proqnozlar sistemli, konkret sahələr, subyektlər üzrə ətraflı təhlil edilmişdir. Dövlət büdcəsinin xərcləri üzrə tapşırıqlar 96 faiz yerinə yetirilmişdir. Xərclərin ÜDM-də xüsusi çəkisi 29,4 faiz təşkil etmişdir.
Strukturuna görə 2016-cı il dövlət büdcəsi xərclərinin 65,9 faizi cari xərclərə, – 2015-ci illə müqayisədə 19,8 faiz çox, – 24,1 faizi əsaslı xərclərə, 10 faizi isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə aiddir. Təbii ki, burada əsaslı xərclərin xüsusi çəkisi çox artıb. Bu da təbiidir, çünki yığcam büdcə siyasəti həyata keçirilir. Lakin o demək deyil ki, bu proses həmişə qalacaq. Heç bir inkişaf etmiş ölkədə belə nisbət olmur. Ona görə 2017-ci ilin dövlət büdcəsi proqnozunda artıq bu rəqəm 59 faiz nəzərdə tutulmuşdur. Yəni iqtisadi fəallıq, iqtisadiyyatda investisiyaların həcmi artdıqca və cari tələbatların ödənilməsi optimal səviyyəyə çatdıqca bu nisbət xeyli dərəcədə təkmilləşdiriləcək.
Qeyd edək ki, cari xərclərin cəmi büdcə xərclərində ən yüksək çəkiyə malik olması 2004, 2005 və 2016-cı illərə təsadüf edir. Çünki 2004-cü ildə büdcə xərcləri cəmi 1,4 milyard manat  təşkil edirdi. 2005-ci ildə isə cəmi 2 milyard büdcə xərclərimiz var idi. Onda bütün büdcə xərclərinin 85–86 faizi cari xərclərə gedirdi. Amma bu gün situasiya tamamilə dəyişib, Azərbaycanın kifayət qədər maliyyə resursları var. Ona görə də bəziləri deməsinlər ki, birdən-birə xərclər artıb. Cari xərclərin bu qədər artması hesab edirik ki, müvəqqət xarakter daşıyır. Yəni bizim təsdiq etdiyimiz 2017-ci ilin büdcəsində cari xərclərin xüsusi çəkisi cəmi 59 faiz olacaq.
Ümumiyyətlə, mən fürsətdən istifadə edərək bəzi fikirlərimi demək istəyirəm. Qısa zaman kəsiyində bir və ya digər rəqəmin 1–2 faiz aşağı düşməsini sistemli təhlil etmədən nəticə çıxarırıq. Ona görə də belə müqayisələr lazımdır ki, sistemli təhlil nəticəsində rəqəmlərin dəyişməsi haqqında fikir yürüdək.
Dövlət büdcəsinin icrası ilə bağlı hesabatda manatın xarici valyutalara nisbətən ucuzlaşması nəticəsində ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, həmçinin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda devalvasiyanın nəticəsinin yumşaldılması məqsədilə artırılmış əmək haqlarının maliyyə təminatı ilə bağlı ətraflı məlumatlar öz əksini tapmışdır. Həqiqətən, Maliyyə Nazirliyi, hökumət, digər strukturlar kifayət qədər sanballı təhlillər aparmışlar və hər bir istiqamət üzrə həyata keçirilən tədbirlər hesabatda öz əksini tapmışdır.
Hesabatda xüsusi olaraq qeyd olunur ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri üzrə real vəziyyətə uyğun olaraq maliyyələşmə zamanı ilk növbədə müdafiə olunan və ona bərabər tutulan xərclər, o cümlədən əmək haqlarının, pensiya, sosial müavinət və öhdəliklərin ödənilməsi, həmçinin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu və digər mənbələrdən cəlb olunan vəsait hesabına yeni tikilmiş, bərpa edilmiş və yenidən qurulmuş sosial və digər infrastrukturların saxlanılması təmin edilmişdir.
2016-cı ildə qloballaşan böhran şəraitində ən vacib məsələlərdən biri müdafiə olunan  xərclərin qorunub saxlanmasıdır. Azərbaycanda bu qədər çətinliklər olmasına, neftin qiymətinin aşağı düşməsinə, büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkədə müdafiə olunan xərclər artmağa meyl edir. Artıq xərclərin strukturunda bunun xüsusi çəkisi 36,5 faiz təşkil edir ki, bu da 2008–2015-ci illərdəki göstəricidən xeyli çoxdur. Azərbaycan dövlətinin başçısının apardığı sosial siyasətin ön plana çəkilməsi və bu istiqamətdə görülən işlər hökumətə imkan vermişdir ki, müdafiə olunan xərclərin dinamikasında stabilliyi qoruyub saxlasın və  gələcəkdə də bu istiqamətdə daha cəsarətli addımlar atsın.
Diqqəti cəlb edən müsbət cəhətlərdən biri ondan ibarətdir ki, hesabat ilində elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 2015-ci illə müqayisədə 29 faiz çox vəsait sərf edilmişdir. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkis 33,2 faiz təşkil etmişdir ki, bu da müqayisədə 7,6 faiz çoxdur.
Hesabatda dövlət zəmanəti üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliklərinin çevik və səmərəli idarə edilməsi və vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə hökumətin gördüyü işlər konkret obyektlər üzrə açıqlanır, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə  bağlı xərclər və cəlb edilmiş borcların təhlili nəticələri qeyd olunur. Ümumiyyətlə, Azərbaycanın xarici borcu bu gün ümumi daxili məhsulun 20,4 faizini təşkil edir. Maliyyə Nazirliyinin bu sahədə mövqeyi tamamilə düzgündür ki, biz bu vəsaitlərin vaxtında istifadə edilməsinə, qaytarılmasına nail olmalıyıq. Allaha min şükür ki, Azərbaycan dövlətinin xarici dövlətlər qarşısında borcla əlaqədar heç bir problemi yoxdur. Bu da qarşılıqlı münasibətlərin qurulması üçün son dərəcə vacib məsələlərdən biridir. Yəni bütövlükdə 2016-cı ildə ödəniş vaxtı çatmış xarici kreditlərin qaytarılması nəzərdə tutulmuş qaydada, vaxtında həyata keçirilmişdir.
Hesabatda dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən dövlət proqramları və tədbirləri barədə kifayət qədər məlumat verilir. Yəni bu gün regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar proqram həyata keçirilir, səhiyyənin, mədəniyyətin, elmin inkişafına xidmət edən konkret layihələr, proqramlar var. 2016-cı ildə bütün bu layihələrin  maliyyə təminatı kifayət qədər yaxşı səviyyədə həll edilmişdir, bu da gələcəkdə Azərbaycanın sosial-iqtisadi göstəricilərinin yaxşılaşmasına kömək edəcəkdir.
Mən bir neçə kəlmə də dövlət büdcəsinin digər göstəriciləri barədə danışmaq istərdim. Bu, dövlət büdcəsinin kəsiri məsələsidir. Dövlət büdcəsinin kəsiri 0,4 faiz icra edilmişdir. Bu, proqnoz göstəricisindən bir qədər azdır. Maliyyə Nazirliyinin hesabatında, Hesablama Palatasının rəyində kəsirlə yerinə yetirilmənin səbəbləri açıqlanır. Amma mən bir iqtisadçı olaraq, dünya təcrübəsinə əsaslanaraq qeyd etmək istərdim ki, gələcəkdə imkanlarımız o qədər genişlənə bilər ki, hətta biz 1-2 faiz büdcə kəsiri şəraitində də iqtisadi fəallığı artıra bilərik. Hesab edirəm ki, bu həmişə diqqətdə olan məsələlərdən biri olmalıdır. 
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Vaxtınızı çox almaq istəmirəm, amma demək istərdim ki, cənab Prezidentin tapşırıqlarına uyğun həyata keçirilmiş proqramların, layihələrin nəticəsidir ki, dövlət büdcəsinin icrası kifayət qədər kamildir. 2016-cı illə 2017-ci ilin büdcəsinin uğurla yerinə yetirilməsi üçün ölkədə kifayət qədər münbit şərait yaradılmışdır. İki gün bundan qabaq Belarusda millət vəkilləri Əhliman müəllim, Xanlar müəllim və Ağalar müəllimlə birgə ticarət evinin açılışında iştirak etdik. Bu, adi bir  tədbir deyildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını əks etdirən bir göstəricidir. Cənab Prezidentin tapşırığı var ki, ölkəmizin ixrac potensialı artmalıdır. İqtisadiyyat Nazirliyi digər strukturlarla bu istiqamətdə böyük işlər görür. Orada bir sərgi göstərildi. Bu, Azərbaycan dövlətinin son illərdə ixrac potensialının artırılması, investisiyaların təşviqi, sahibkarlığa köməklə əlaqədar olaraq gördüyü işlərin məntiqi nəticəsidir ki, belə ticarət evləri açılır. Bu bizim hökumətdən də, digər strukturlardan da tələb edir ki, ixrac potensialımızı artıraq və bununla da ölkəmizin büdcə gəlirlərini, vergi daxilolmalarını artıraq.
Azərbaycanın 2016-cı ilin büdcəsinin təhlilindən çıxarılan bir neçə nəticə var ki, yəqin, bunları hörmətli maliyyə naziri Samir müəllim deyəcək. Ancaq komitədə də vurğulandı ki, bu gün ən başlıca məsələmiz investisiya fəallığını artırmaqdır, kapital, əsaslı vəsait qoyuluşundan səmərəli istifadə etməkdir. Azərbaycan bu gün dünya miqyaslı layihələr həyata keçirir. Büdcənin illik hesabatında var. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qədim İpək Yolunun bərpası ilə əlaqədar həyata keçirilən layihələr, energetika layihələri – bütün bunlar Azərbaycanın iqtisadi potensialının və büdcəmizin inkişafının artırılmasına xidmət edir. Mən hesab edirəm ki, bizim kifayət qədər əsasımız var ki, büdcə göstəricilərimiz daha yaxşı olsun.
Çıxışımı isə cənab Prezidentin bu fikirləri ilə bitirmək istəyirəm: “Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir. Müstəqillik inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq ki, bundan sonra ölkəmizi, xalqımızı mümkün risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.” Ona görə millət vəkillərindən xahiş edirəm ki, bu çətin şəraitdə icra olunmuş 2016-cı ilin  dövlət büdcəsinin icrası barədə hesabatı müsbət qiymətləndirək. Hesab edirik ki, 2017-ci ildə bizim göstəricilərimiz bundan qat-qat yaxşı olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri, müzakirələrə keçirik. Yox, bir dəqiqə, bağışlayın. Buyurun, Vüqar Gülməmmədov. Çox möhtəşəm bir rəy hazırlayıblar. 439 səhifədir. Görək onu bizə yığcam şəkildə necə təqdim edəcək? Buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! 2016-cı ildə dünya iqtisadiyyatında istehlakın və tələbatın qlobal miqyasda əhəmiyyətli azalması, OPEK-ə üzv olan və digər neft ixracatçıları arasında son 8 ildə ilk dəfə hasilatı azaltmaqla bağlı qərarın qəbul edilməsi, bir sıra ölkələrdə fiskal siyasətin milli iqtisadiyyatın stimullaşmasına hədəflənməsi, bəzi aparıcı ölkələrin mərkəzi bankları tərəfindən yumşaq monetar siyasətin davam etdirilməsi kimi meyllər müşahidə olunmuşdur.
Respublikamızda isə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmış, hesabat ili dərin iqtisadi islahatlar ili kimi tarixdə qalmış, həmin il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatların daha da dərinləşməsinə səbəb olmaqla iqtisadi sistemin gələcəkdə qeyri-neft sektorunun hesabına inkişafı üçün geniş imkanlar yaratmışdır.
2016-cı ildə fiskal və monetar siyasətin qarşılıqlı şəkildə uyğunluğunun təmin edilməsi, milli valyutanın üzən məzənnə rejiminin tələbləri çərçivəsində tənzimlənməsi, pul siyasəti alətlərindən çevik istifadə, fiskal intizamın gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığının və maliyyə sistemində institusional bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 2016-cı ilin dövlət büdcəsi qlobal iqtisadi kataklizmlər fonunda və riskli fiskal təzyiqlər altında formalaşdırılmışdır. Bununla belə, qeyri-neft prioritetlərinin reallaşması məqsədini daşıyan bu büdcə ölkə rəhbərliyinin həyata keçirdiyi strateji tədbirlərin nəticəsi olaraq həmin hədəflərin reallaşdırılmasına xidmət etmişdir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata rəyi müəyyən olunmuş qaydada tərtib edilərək sizlərə təqdim edilmişdir.  Rəyin məzmun və strukturunun təkmilləşməsi ilə bağlı bir sıra addımlar atılmış, tərəfimizdən təhlillərin əhatəliliyinin və məlumatlılıq səviyyəsinin yüksəldilməsinə çalışılmışdır.
Hesabat ili üzrə büdcə vəsaitlərinin istifadəçisi olan 117 qurumdan hesabatlar alınmış, ümumilikdə 10,5 milyard manat məbləğində vəsaitin icra vəziyyəti təhlil edilmişdir. Həmin təhlillərin rəydə geniş əks etdirildiyini və məndən öncə çıxış edən hörmətli akademik, millət vəkili Ziyad Səmədzadə tərəfindən büdcənin icrası və makroiqtisadi şəraitlə bağlı geniş məlumatların təqdim edildiyini nəzərə alaraq əsas meylləri, həmçinin Hesablama Palatasının bir sıra nəticə və tövsiyələrini sizin diqqətinizə çatdırmaq istərdim.
İlk olaraq bildiririk ki, dövlət büdcəsinin icrası üzrə hesabat, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində müəyyən olunmuş müddətdə Hesablama Palatasına təqdim edilmiş, hesabat və qanun layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və tələblər gözlənilməklə tərtib edilmişdir. Hesabat ilində müşahidə olunan qlobal və  regional iqtisadi böhranlara baxmayaraq, həyata keçirilmiş sistemli tədbirlərin nəticəsi kimi, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri əvvəlki 2015-ci illə müqayisədə artımla – 104,1 faiz səviyyəsində icra edilmişdir. Gəlirlərin icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir.
Büdcənin əsas gəlir mənbələrinin yığılmasını təmin edən orqanlar –  Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş proqnoz göstəricilərinə tam əməl edilmişdir. Hesabat ilinin ayları üzrə büdcə  gəlirlərinin icra göstəriciləri müxtəlif olmuş və bu, əsasən, Dövlət Neft Fondundan transfertin aylar üzrə icrasının proqnozlaşdırıldığından fərqlənməsi ilə əlaqədar olmuşdur. Hesabat ilində dövlət büdcəsinin gəlir mənbələri üzrə müəyyən olunmuş proqnozlar yalnız 6 mənbə üzrə kəsirlə icra edilmiş, digər mənbələr üzrə icra səviyyəsi isə 100 və daha çox olmuşdur.
Diqqətinizə çatdırım ki, büdcə-vergi siyasəti çərçivəsində hesabat ili üçün müəyyən edilmiş hədəflər, əsasən, yerinə yetirilmişdir. Gəlirləri əhatə edən 11 prioritet istiqamətlərdən bəziləri üzrə hədəflərə tam nail olunmamışdır. Belə ki, nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividentlərin alınmasına görə müəyyən olunmuş proqnozlar 8,6 dəfə, dövlət əmlakının özəlləşməsindən dövlət büdcəsinə daxilolmalar 3,2 dəfə az olmaqla yerinə yetirilmiş, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxil olma əmsalının 2015-ci illə müqayisədə artırılması təmin edilməmişdir.
Hesabat ilində bəzi mədaxil mənbələri üzrə proqnoz göstəricilərinin dəfələrlə çox, bəziləri üzrə isə nəzərə çarpacaq dərəcədə az icra edildiyini, proqnozlaşdırılmayan bəzi mənbələr üzrə isə vəsaitlərin daxil olduğunu, bir sıra mənbələr üzrə icra səviyyəsinin makroiqtisadi meyllərlə uzlaşmadığını nəzərə alaraq Hesablama Palatası dövlət büdcəsi gəlirlərinin potensial bazasının genişləndirilməsini, bu məqsədlə də normativ hüquqi bazanın gücləndirilməsini, hesabatlıq və inzibatçılığın artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təqdim etdiyi rəydə məqsədəmüvafiq hesab etmişdir. Qeyd edim ki, hesabat ilində mərkəzləşdirilmiş gəlirlər 104,2 faiz, yerli gəlirlər 101 faiz icra olunmuşdur. Dövlət büdcəsinin mərkəzləşmiş gəlirlərindən fərqli olaraq yerli gəlirlərinin həcmi əvvəlki illərlə müqayisədə azalmışdır. Regional iqtisadi aktivliyi stimullaşdıran şəraitin, o cümlədən investisiya qoyuluşlarının əvvəlki illərlə müqayisədə hesabat ilinə nisbətən səngiməsinə və yerli gəlirlərin makro səviyyədə azalmasına baxmayaraq, 11 region üzrə yerli gəlirlərin həcmində əvvəlki iki illə müqayisədə artımlar müşahidə olunmuşdur.
2016-cı ildə dövlət büdcəsinin xərcləri proqnoza qarşı 4 faiz kəsirlə – 96 faiz icra edilmişdir. Xərclərin proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, hesabat ilində əksər aylarda proqnoza tam riayət olunmuşdur. Son dövrlərdə ilk dəfə olaraq icra edilmiş dövlət büdcəsində “Ümumdövlət xidmətləri” bölməsi xüsusi çəkisinə görə ən böyük paya malik olmuşdur. Büdcə xərclərinin ənənəvi olaraq yüksək çəkiyə malik “Sənayetikinti və faydalı qazıntılar bölməsi”nin xüsusi çəkisi 2015-ci illə müqayisədə 12,9 bənd azalmış və hesabat ilində xərclərin icra edilməmiş məbləğinin təqribən yarısı məhz bu bölmənin payına düşmüşdür.
Hörmətli millət vəkilləri, hesabat ilində dövlət büdcəsi xərclərinin icra vəziyyətinə bir sıra amillər də təsir göstərmişdir. Bu amillər arasında 2016-cı ildə funksional təsnifatın qanunla təsdiq edilmiş bölmə və köməkçi bölmə səviyyəsində dəyişikliklərin aparılması kimi mühüm amil də vardır. Həmin dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra sərəncamlarının icrası olaraq həyata keçirilmişdir.
Ümumilikdə qeyd edim ki, hesabat ilində 4 bölmədə köməkçi bölmə səviyyəsində dəyişikliklər aparılsa da, “Funksional bölmə” üzrə cəmi vəsaitin məbləği dəyişməz qalmış, 9 bölmə üzrə vəsaitin məbləği azaldılmış, bir bölmə – “Dövlət büdcəsinin ehtiyat fondu” ilə bağlı vəsaitin məbləği artırılmışdır. Hesabat ilində büdcə xərclərinin digər bölmələrində azaldılmış vəsaitin müəyyən bir hissəsi isə dövlət zəmanəti ilə alınan borcların təminat fondu vasitəsilə icra edilmişdir. 2016-cı ilin dövlət büdcə xərclərinin 65,9 faizi cari xərclərə yönəldilmişdir. Son 4 ildə əsaslı xərclərin həcmi əhəmiyyətli şəkildə azalmış, manatın məzənnəsinin dəyişməsi nəticəsində dövlət borcuna xidmətlə bağlı xərclər nəzərə çarpacaq dərəcədə  artmışdır.
Hörmətli millət vəkili Ziyad müəllim cari xərclərlə bağlı geniş, ətraflı məlumat verdi. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari xərclərin qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşması ilə bağlı mühüm bir tapşırıq vermişdir. Bu tapşırığın icrası üçün həmin mənbələr üzrə gəlirlərin artırılması və cari xərclərin optimallaşması istiqamətində daha təsirli addımların atılması ilə yanaşı, fikrimizcə, cari xərclərin hesablanma bazası və metodologiyasına da yenidən baxılmalıdır. Eyni zamanda, büdcə xərclərinin şəffaflaşdırılması, hesabatlılığın gücləndirilməsi məqsədi ilə xərclərin strukturunun təkmilləşdirilməsi, ehtiyat fondların və investisiya xərcləri hesabına maliyyələşdirilən layihələrin icrasına vaxtında başlanılması və növbəti illərə saxlanılmaması, birdəfəlik təyinatlı blok xərclərinin icrası ilə əlaqədar yaranan çətinlikləri nəzərə almaqla planlaşdırma işlərinə yeni yanaşmanın tətbiqi, büdcə vəsaitlərinin proqnozlaşması zamanı debitor borcların diqqətdə saxlanılaraq nəzərə alınması istiqamətində tədbirlərin gücləndirilməsini də tövsiyə edərdik.
İcazənizlə, dövlət borcu ilə bağlı bəzi məqamları diqqətinizə çatdırım. Qeyd edim ki, xarici dövlət borcu ilə bağlı qəbul edilmiş limitlərə hesabat ilində riayət olunmuşdur. Valyuta məzənnələrinin və faiz dərəcələrinin dəyişdiyi bir şəraitdə bazar qiymətlərinin mütəmadi tərəddüdü borc xidməti xərclərinin də dəyişməsinə səbəbə olur. Bu baxımdan dövlət borcunun əsas hissəsinin xarici borc olduğunu nəzərə almaqla borc portfelində valyuta riskləri və dəyişən faiz dərəcələri üzrə borc yükünün dövri olaraq təhlil edilməsi və müvafiq qərarların qəbul edilməsi zəruridir.
Hesabat ilində dövlət borcu üzrə müşahidə olunan əsas məqam daxili dövlət borcunun azalmasıdır. Belə ki, daxili dövlət borcu hesabat ili ərzində 73,5 faiz azalaraq 1,25 milyard manat təşkil etmişdir.
2016-cı ildə büdcə kəsiri 254,6 milyon manat məbləğində müşahidə olunmuşdur. Büdcə kəsirinin planlaşdırıldığından dəfələrlə az olması, əsasən, aparılmış tədbirlərin nəticəsidir. Kəsirin maliyyələşmə mənbələri arasında daxili və xarici borclanmadan daxilolmalar nəzərdə tutulduğundan 14,6 faiz çox, özəlləşdirmədən daxilolmalar isə proqnoz məbləğlə müqayisədə az icra olunmuşdur.
Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabat ilində 61 faiz artaraq 1 yanvar 2017-ci il tarixinə 2,3 milyard manat təşkil etmişdir ki, bu da cari hesabat ilinin dövlət büdcə gəlirlərinin təqribən 13,2 faizini təşkil edir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının sizlərə təqdim edilmiş rəyində ətraflı təhlillərin, nəticə və tövsiyələrin əks olunduğunu, Hesablama Palatası kollegiyası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata müsbət rəy verildiyini nəzərə almağınızı xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vüqar müəllim. Hörmətli millət vəkilləri, artıq çıxış üçün 15 nəfər yazılıb. Əgər etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2016-cı il, ümumiyyətlə, dünya iqtisadiyyatı üçün problemli il kimi yadda qalıb, çünki dünya üzrə ümumi daxili məhsulda 0,1 faiz azalma olub. Neftin qiymətinin kəskin aşağı olması, Amerikanın neft ixracını artırması, İran neftindən embarqonun götürülməsi, Çinin iqtisadiyyatındakı problemlər öz təsirini göstərmiş və Azərbaycanda ümumi daxili məhsulda 3,1 faiz azalma olmuşdur. Ötən müddət ərzində  qeyri-neft sektorunun əsas qollarından olan sənayedə cəmi 0,3 faiz artım olsa da, tikinti sektoru kimi əsas sektorların birində azalma 23 faiz olmuşdur. Bütün bunların hamısı dövlət investisiyalarının 2016-cı ildə aşağı səviyyədə olmasının sübutudur.
Büdcənin gəlirlər hissəsinə diqqət yetirdikdə görürük ki, Hesablama Palatasının rəyində də qeyd edildiyi kimi, 4 faiz icra olunduğu hallarda dövlətin payı olan müəssisələrdə gəlirlər 11 faiz, büdcə təşkilatlarında xidmətdən daxilolmalar 78 faiz, aksiz vergilərində 88 faiz, dövlət torpaqlarının icarəyə verilməsində 77 faiz olmuşdur. Dövlət Neft Fondundan transfertin miqdarı 44 faizdir. 7 faiz azalmasına baxmayaraq, yenə yüksək olaraq qalmaqda davam edir.
Dövlət büdcəsinə əlavə dəyər vergisindən daxilolmalar gəlirlərin 21 faizini müəyyən etmişdir. Vergilər Nazirliyinin xətti ilə 71 faiz gəlir daxil olmuşdur. Əlavə dəyər vergisindən söz düşmüşkən deyim ki, biz bir neçə dəfə Milli Məclisdə əlavə dəyər vergisinin diferensiallaşma mexanizminin həyata keçirilməsini təklif etsək də, vergilər naziri buna müsbət rəy versə də, hələlik bu barədə ciddi addım atılmamışdır. Vergi borcları ilə əlaqədar 2016-cı ildə ciddi addımlar atılmış, 2,4 milyard manatdan 1,4 milyard manata çatdırılmışdır. Ümumiyyətlə, son vaxtlar Vergilər Nazirliyi tərəfindən aparılan islahatlar Azərbaycanın vergi gəlirlərinə öz müsbət təsirini göstərmişdir.
Büdcənin xərc hissəsinə nəzər yetirdikdə görürük ki, 96 faiz icra olunsa da, burada ciddi məsələ hesabat ilində büdcə xərclərinin bərabər paylanmamasıdır. Əgər birinci yarım ildə 38 faizdirsə, ikinci ilin son rübündə 40 faiz olmuşdur. Dekabr ayında büdcə xərclərinin təxminən 22 faizi ümumi xərclərin nisbətində böyük rəqəm olaraq qalır, bu da müəyyən qədər proqnozlaşdırma probleminin olduğunu və konkret layihələrin hesablanmasını diqqət mərkəzinə çıxarır. Əgər Azərbaycanın valyuta ehtiyatları 2014-cü ildə 50,8 milyard manat idisə, 2016-cı ildə 37 milyard manata enmişdir. Dövlət Neft Fondundan 4 milyard manat, Mərkəzi Bankdan 9 milyard manat azalma olmuşdur. Düzdür, Dövlət Neft Fondunda aktivlərin daxili məhsula nisbətində 25 faiz artım olmuşdur. Bu da, əsasən, manatın devalvasiyası ilə əlaqədar olaraq müəyyən qədər müsbət təsirini göstərmişdir.
2016-cı ildə Azərbaycanda sərt pul-kredit siyasətinə daha çox üstünlük verilmişdir. Əlbəttə, bu, şəffaflığın təmin edilməsi, əlavə vəsaitlərin xərclənməsinə nəzarət mexanizminin gücləndirilməsi üçün çox müsbət haldır. Xüsusilə nağdsız ödəniş strukturunun dəyişdirilməsi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsi buna öz təsirini göstərmişdir. Amma digər tərəfdən, bu, real sektorun inkişafında müəyyən problemlər yaratmışdır.
Mən Azərbaycan hökumətindən xahiş edərdim ki, ümumiyyətlə, pul siyasətində real sektorun inkişafına daha çox diqqət yetirsinlər. 2016-cı ildə Mərkəzi Bank tərəfindən uçot dərəcəsi 5 faizdən 15 faizə, o cümlədən likvidlik faizi 18 faizə qaldırılmışdır. Mərkəzi Bank faktiki olaraq valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilmişdir. Əsas oyunçu kimi Dövlət Neft Fondu 2016-cı ilin valyuta bazarında, demək olar ki,öz müsbət təsirini göstərmişdir. 2016-cı ildə pul kütləsində iki faizə qədər azalma baş vermişdir ki, bu da pul-kredit siyasətinin nəticəsidir.
Bir də, dövlət borcu ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. Biz dövlət borcu limitini haradasa 8 milyard yarım təsdiq etsək də, o, 13,4 milyard manat olmuşdur. Bu da ümumi daxili məhsulun 22 faizini təyin edir. Ümumiyyətlə, məsələlər həddindən artıq çoxdur, amma vaxt azdır. Mən hökumətə məsləhət görərdim ki, Hesablama Palatasının rəyini nəzərə alsınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Biz bu gün hökumətin hesabatını deyil, sadəcə, 2016-cı il dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı çox mükəmməl hazırlanmış sənədi müzakirə edirik. Heç şübhəsiz ki, 2016-cı ilin çətin, gərgin, mürəkkəb il olduğunu hökumət də, siyasilərimiz də etiraf edirlər. Burada da bir qəbahət yoxdur, bu, beynəlxalq məkanda yaşanan bir tendensiyadır. Lakin dövlət başçısı səviyyəsində verilən çevik qərarlar fonunda bu prosesdə bir sabitləşmənin olduğunu da ayrıca vurğulayırıq. Ona görə elə hesab edirəm ki, buna bağlı dövlətin, hökumətin müvafiq strukturları da yürütdükləri siyasətdə mühüm dəyişikliklər etməlidirlər.
Məsələn, diqqətinizə 21-ci səhifəni cəlb etmək istəyirəm. Milli valyutaya olan etimadı gücləndirmək üçün Mərkəzi Bankın 15 fevral 2016-cı ildəki uçot dərəcəsini 5 faizdən, – mən daha ay-ay onları sadalamıram, – 15 faizə çatdırması qeyd olunubdur. Ümumiyyətlə, devalvasiya prosesinin başlandığı 21 fevral 2015-ci ildən hazırkı dövrədək Mərkəzi Bankın valyuta ehtiyatları 71 faiz və ya 9,8 milyard həcmində azalmışdır. Bu, hesabatdan oxuduğum ifadələrdir.
Qeyd olunduğu kimi, əgər kredit portfeli bütövlükdə yalnız Mərkəzi Bank səviyyəsində formalaşırsa və dərəcənin də bu şəkildə artdığını bəyan ediriksə, maliyyə sabitliyinin bərpa olunduğunu söyləyiriksə, uçot dərəcələrinə baxılmalıdır. Yəni onsuz da alınan tədbirlər az qala  qeyd olunan 10 milyardlıq itkinin qarşısını almayıbdır. Birinci diqqətinizi cəlb etmək istədiyim məsələ budur.
İkincisi, hörmətli cənab Sədr, iki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi həmin hüquqi məsələni tənzimləyən prosesə baxdı, lakin bankların xeyrinə qərar çıxardı. Bununla əlaqədar insanlar məhkəməyə baş vururlar, amma nəticə Konstitusiya Məhkəməsindəki o çərçivədən kənara çıxmır. On minlərlə insanın əleyhinə qərarlar verilir. Vətəndaş da məhkəmədə özünün hüququnun təmin olunmadığını gördükdə özünə əl qatır, bir sıra hallarda özünü yandırır və sair. Bizim kitablarda oxuduğumuz mənzərə sanki baş vermiş olur. Məhkəmə–bank–vətəndaş bucağında insanlar hüquqi vasitələrlə özlərinin müdafiəsini görmürlər. Ona görə parlament vasitəsi ilə biz Konstitusiya Məhkəməsinə həmin hüququn müddəalarına yenidən baxılması üçün müraciət etməliyik. Axı ola bilməz ki, 100 min insanın hamısından yüzdə yüz yalnız bankın xeyrinə qərar çıxarmış olsun. Onda bu hakimlərin, məhkəmə təsisatının, ədliyyə sistemimizin hüququ nədən ibarətdir?
İkinci toxunmaq istədiyim məsələ yoxsulluq faizinin hesablanması ilə bağlıdır. Biz ötən illər ərzində bu sahədə çox böyük dəyişikliklərin olduğunu bəyan edirik və bunu adi gözlə də görmək mümkündür. 2005–2015-ci illərdə Azərbaycan gerçəkdən də böyük bir inkişaf yolu keçib, amma yoxsulluq faizi məsələsində, ümumiyyətlə, yoxsulluğu hesablama metodologiyasında dünyada yanaşma fərqlidir.
Mən sizə Avropa Birliyinin parametrlərini göstərmək istəyirəm. Onlar “maddi məhrumiyyət” və “kəskin maddi məhrumiyyət” kimi terminlər yaradıblar. Məsələn, ora hansılar daxildir? Kredit və icarə haqqına, kommunal xidmətlərə görə ev təsərrüfatının borclu olması, ildə azı bir dəfə evdən kənarda bir həftə istirahət etmək imkanı olması, həftədə bir dəfə ət almaq imkanının olması, gözlənilməz xərcləri qarşılama imkanının olmaması, telefon almaq imkanının olmaması, televizor və sair. 9 parametrdir, bunun üçünə malik olmayan şəxs maddi məhrumiyyətdə yaşayanların sırasındadır. Avropa Birliyində bu rəqəm 19 faizdir. Ona görə də mən elə hesab edirəm ki, hökumət bu məsələyə yenidən baxmalıdır. Belə olduğu təqdirdə biz yoxsulluq şəraitində yaşayan insanların əhatə dairəsinin dəyişdiyini görəcəyik.
2016-cı ildə vergi ödəyiciləri ilə bağlı bəyan olunubdur ki, 700 minə yaxın təsərrüfat subyekti var. Lakin rəqəmlərə diqqət etsək, görərik ki, Dövlət Sosial Müdafiə Fondundan verilən rəqəmlər nə qədər insanın gerçək vergi ödəyicisi olduğunu göstərir. Cəmi 147 min insandır. Bu, ümumi vergi ödəyicilərinin yalnız 20 faizini təşkil edir. Əlbəttə, mən sürətlə bu fikirləri söylədim, yəqin ki...
Sədrlik edən. Ürəyin çox doludur, çox deyərdin. Konstitusiya Məhkəməsi hakimiyyətin bir qoludur. Sənin çıxışından belə çıxır ki, 100 min adam müraciət edib, Konstitusiya Məhkəməsi millətə qarşı çıxıb. Bu, düzgün deyil, çıxış edəndə məsələlərə belə yanaşmaq doğru deyil. Hanı 100 min insan? Mən eşitməmişəm ki, Konstitusiya Məhkəməsində belə bir məsələ olsun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. 2016-cı il büdcəsinin icrasını müsbət qiymətləndirirəm. Bu istiqamətdə bir neçə faktı demək olar. Dünya iqtisadiyyatında gedən mənfi tendensiyalar və Azərbaycandakı resesiya şəraitində 2016-cı ilin büdcəsinin səviyyəsində icra hesab edirəm ki, çox yaxşı göstəricidir. Dövlət Neft Fondundan ayrılan transfertlərin azaldılması müsbət haldır. 2016-cı ilin büdcəsi Azərbaycanda inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasında rol oynamayıb. Eyni zamanda, baxmayaraq ki, resesiyadır, 2016-cı ilin büdcəsində sosial xərclər artıb.
2016-cı ilin büdcəsinin bu səviyyədə icra olunmasında Maliyyə Nazirliyi ilə yanaşı, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin də əməyini qiymətləndirmək lazımdır. Həm də Hesablama Palatasının rəyini müsbət qiymətləndirirəm, çox obyektiv və xeyli dərəcədə konstruktiv təkliflərlə çıxış edib. Güman edirik ki, bu ilin büdcəsinin icrası zamanı həmin konstruktiv təkliflərdən də istifadə olunacaq.
Eyni zamanda, komitədə müzakirə zamanı qaldırdığım bəzi sualların ətrafında fikirlərimi davam elətdirmək istəyərdim. Azərbaycanın büdcəsi, əsasən, neft amili hesabına daha çox dolub. Son vaxtlar bu nisbət dəyişsə də, yenə neftin rolu böyükdür və yaxın orta perspektivdə də hesab edirəm ki, hər hansı bir neftdən kənar sahə, yaxud da kənd təsərrüfatı neft qədər büdcəyə vəsait cəlb edilməsinə imkan yaratmayacaq. Amma hesab edirəm ki, Azərbaycanda köklü islahatlar aparmaqla bu çatışmazlığı xeyli dərəcədə aradan qaldırmaq olar. Bu, struktur islahatlarını genişləndirmək, dərinləşdirmək, kiçik hökumət modelinə keçmək və çox çevik bir idarəetmə strukturunu yaratmaqla mümkündür.
Məsələn, struktur islahatı deyəndə elə bilirlər ki, elə 30 faiz ixtisardır. Bu, kiminsə işdən çıxarılması deyil. Bu, idarəetmə sisteminin səmərəliliyini artırma vasitəsi ilə həm inhisarçılığın, həm məmur sahibkarlığının, həm korrupsiyanın, həm də özbaşınalıqların aradan qaldırılmasına böyük imkanlar yaradacaq ki, bunların da hesabına Azərbaycanın büdcəsinə əlavə 100 milyonlarla vəsait daxil olacaq. Kölgə iqtisadiyyatının azaldılması hesabına büdcəyə 100 milyonlarla əlavə vəsaitin daxil olmasına şərait yaratmaq olar.
Magistral yol isə hesab edirəm ki, iqtisadi fəallığın, sahibkarlığın artırılmasıdır. Əgər biz son onilliklərə fikir versək, görərik ki, Dövlət Neft Fondundan ayrılan vəsaitin də xeyli hissəsi büdcə vasitəsilə reallaşıb. Düzdür, çox gözəl, möhtəşəm layihələr həyata keçirilib. Banklar vasitəsi ilə Azərbaycan iqtisadiyyatına 128 milyard manat vəsait qoyulub. 128 və harada isə 90 milyard büdcə vasitəsi ilə həyata keçiriləni üst-üstə gələndə 200 milyard manatdan çox edir, bu yeni bir Azərbaycan qurmaq üçün yetərli idi. Amma çox təəssüflər olsun ki, həmin vəsaitin real iqtisadiyyatla, istehsalla əlaqəsi zəif olduğuna görə neftdənkənar sahələrin göstəriciləri aşağıdır. Göstərici aşağı olduğuna görə bu sahədən büdcəyə əlavə vəsait daxil olmur. Digər tərəfdən isə biz ayda 90 milyon dollarlıq xaricə qeyri-neft sektorundan ixrac edirik ki, bu da Qərbin bir neçə firmasının ixracı səviyyəsindədir. Hesab edirəm, bu mənbələrdən istifadə etməklə xeyli nəticə əldə etmək olar.
Növbəti deyəcəyim məsələ xarici borclarla bağlıdır. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 20 faizinin ətrafındadır. Bu, kredit hesab olunan həddən 2-2,5 dəfə azdır. Amma hesab edək ki, beynəlxalq fond ətrafında gedən proseslər, dövlətin həmin proseslərdə iştirakı və borcları üzərinə götürməsi bu rəqəmi 30 faizə çatdıracaq. Belə bir şəraitdə şirkətlərin də ağına-bozuna baxmadan borc alması Azərbaycanın 17 milyard manatlıq büdcəsinin xeyli hissəsini borcların ödənilməsinə yönəldə bilər. Həmin şirkətlərin bir hissəsi, – ad çəkmirəm, – işlərini çox gözəl qurublar və mən deyərdim ki, möhtəşəm layihələr həyata keçirirlər, onlara vermək lazımdır. Amma qalanları barədə fikirləşmək lazımdır ki, onların fəaliyyəti Azərbaycana bir xeyir verirmi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də hökumətin təqdim etdiyi hesabatla və Hesablama Palatasının rəyi ilə tanış oldum. Əlbəttə, təəssüf doğuran haldır ki, ümumi daxili məhsul 2016-cı ildə 2015-ci illə müqayisədə 3,1 dəfə azalıb. İkinci təəssüf doğuran hal odur ki, qeyri-neft sektorunun inkişafı üçün hökumətin müəyyən səylər göstərməsinə baxmayaraq, yenə də ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 4,5 faiz azalıb. Əksinə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, neft-qaz sektorunun payı 3,4 faiz artıb. Bu da onu göstərir ki, 2016-cı ildə bizim neft və qazdan asılılığımız azalmaq əvəzinə bir az da artıb.
Hesablama Palatasının sədrinin də çıxışında qeyd olundu. Bizi narahat edən məqamlardan biri ondan ibarətdir ki,  büdcə gəlirlərinin yerinə yetirilməsində səhm paketinə dövlətin nəzarət etdiyi səhmdar cəmiyyətlər proqnozlar üzrə, həmin dividentlər üzrə 8 dəfə az vergi ödəyiblər. Bu nə 8, nə də 80 faiz deyil. Bizim Hesablama Palatamız bəzən gedib büdcədən 1 milyon vəsait ayrılmış təşkilatı aylarla yoxlayır. Bu araşdırılmalı idi və bizə məlumat verilməli idi ki, niyə bunlar büdcəyə proqnozlaşdırılandan 8 dəfə az vəsait ödəyiblər? Düşünürəm ki, hökumət ictimaiyyətə də, millət vəkillərinə də bu barədə ciddi məlumat verməlidir. 
Məsələn, burada ən çox narahat doğuran məqam büdcədən ilbəil daha çox borclar və borclar üzrə faizlər ödənməsidir. Bu il də 2 milyarddan çox vəsait ödənilib. Misal üçün, mən bir neçəsinin adını həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm. Məsələn, dövlət zəmanəti ilə götürülmüş borclar. AZAL-ın maliyyə borclarını ödəmək üçün 624 milyon, “Şahdağ Turizm Mərkəzi”nə 36 milyon, “Azəralüminium” ASC-yə  272 milyon  və sair. Bu qədər pullar ödənilir. Əvvəla, deyim ki, bunlar niyə özəlləşdirilmir? Hökumət bu barədə də ciddi düşünməlidir. Biz hər dəfə bu məsələni qaldırırıq. Dövlətin nəyinə lazımdır ki, özü üçün turizm mərkəzi saxlasın. “Şahdağ Turizm Mərkəzi” nəyə görə kredit  götürməlidir, sonra da vətəndaşlar, dövlət büdcədən onun borcunu ödəməli, götürdüyü kreditləri qaytarmalıdır? Bunların hamısını özəlləşdirmək lazımdır ki, dövlət  o xərclərdən azad olsun.
Mən düşünürəm ki, biz bunu etmədikcə vəziyyət çətin olaraq qalacaq. Bu səhmdar cəmiyyətlərdə də niyə bunu ödəyə bilmirlər? Ona görə ki, xərcləri həddindən artıq şişirdirlər, gəlir, qazanc az olur və vergini də ödəyə bilmirlər. Söhbətin kökündə dayanan budur. Ona görə səhmdar cəmiyyətlərin böyük əksəriyyətini mütləq özəlləşdirmək lazımdır. Məsələn, xəstəxanaların  saxlanmasına dövlət keçən il 342 milyon manat xərcləyib. 107 milyon isə poliklinikaların və ambulatoriyaların  saxlanılmasına və sair. Mən  əvvəl də söyləmişdim, illər keçdikcə oradakı avadanlıq köhnələcək, dövlətin onları saxlamaq xərcləri artacaq və bu işin öhdəsindən gələ bilməyəcək. Onlar da dağılıb gedəcək, ora yeni cihazlar ala bilməyəcəklər və sair. Ona görə də zamanı çatıb, onları özəlləşdirmək lazımdır.
Niyə indiyə qədər icbari tibbi sığorta həyata keçirilmir? Burada da qeyd olunub ki, hökumət bu istiqamətdə hazırlıq aparır. 13 ildir, qanun qəbul etmişik. 13 il ərzində bizim hökumətimiz bu hazırlığı başa çatdıra bilmədi? Bayaqdan Hadi müəllim dünya təcrübəsindən danışır. Dünya təcrübəsində çoxdan icbari tibbi sığortaya keçilib.
Yeri gəlmişkən, onu da qeyd edim ki, dünyanın hər yerində gənclər arasında işsizliyin səviyyəsi digər kateqoriyadan olan insanların arasında işsizliyin səviyyəsindən çoxdur. Çox təəssüf ki,  bu dünyada belədir və bizdə də belədir. Nəzərə alaq ki, keçən il əmək haqqı cəmi 6,9 faiz artıb, inflyasiya isə 12,4 faiz təşkil edib. Bu da onu göstərir ki, iqtisadi islahatların həyata keçirilməsi üçün gənclər irəli çəkilməli, bu istiqamətdə ciddi addımlar atılmalıdır ki, biz real nəticələrə nail ola bilək. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də  2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin bütün tərəfləri ilə razıyam və həm də Hesablama Palatasının verdiyi mükəmməl bir rəy vardır. Hesabatdakı bir neçə məqama münasibətimi bildirmək istəyirəm.  Hesabatdan görünür ki, çətinliklərin müəyyən qismini dünyada neftin qiymətinin ucuzlaşması ilə bağlayıblar. Bu qlobal problemdir, bizə də, təbii ki, təsiri vardır. Ona görə də bundan sonra da büdcədə təbii resursdan əldə ediləcək gəlirlərin hesablanması üçün həmin məhsul üzrə qiymətin pessimist ssenari üzrə müəyyən edilməsini, iqtisadi artımın stimullaşdırılması məqsədi ilə kompleks tədbirlərin görülməsi xəttini davam etdirməliyik. Hesab edirəm ki, son illərdə respublikamızda bu tətbiq olunubdur.
İkinci, burada Azərbaycan Respublikasında ümumi daxili məhsulun daha çox investisiyaya  köklənmiş  inkişafı xarakterizə olunur. Bu siyasət nəticəsində də 2016-cı ildə investisiyanın ümumi daxili məhsulda payı atıbdır. Amma nəticə bizi qane etməli deyil. Xüsusilə  təbii resursların ucuzlaşması fonunda bu məsələyə baxılmalı və artırılmalıdır. 
Başqa bir məsələ ticarətdə ixrac əməliyyatlarının həcminin azalması və idxalın həcminin artmasıdır. Hesab edirəm, əksinə, idxalı  azaltmalı, ixracı artırmalıyıq.  Ona da müəyyən stimul yaradılmalıdır. Təbii ki, orta və kiçik sahibkarlığın müəyyən dövlət dəstəyinə  əlçatanlığının təmin olunması üçün addımlar atmalıyıq.
İdxalın strukturunda ərzaq məhsullarının payı yenə də çoxdur. Ən pisi budur ki, bunlar ölkəmizdə istehsal oluna bilən məhsullardır. Görünür, yenə də gömrükdə tariflərin müstəqil tətbiq olunması ilə və yaxud digər  üsullarla biz ölkəmizdə istehsal olunan məhsulların kənardan idxalını minimuma endirməliyik.
Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı yenə də az olubdur. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı daha çox olub. Bu isə istehsalçı və ixracatçı özəl sektorunun arzu olunan səviyyədə olmamasını göstərir. Biz daha çox istehsalın artırılması ilə bağlı olan tədbirlərin görülməsində maraqlı olmalıyıq.
Hesabatdan görünür ki, bir çox rayonlar dotasiya ilə yaşayır. Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla buna da son verməyimiz çox vacibdir, çünki bəzi rayonların potensialı imkan verir ki, nəinki dotasiya alsınlar, hətta büdcəyə əlavə vəsait gətirsinlər. Bu istiqamətdə əyalət siyasətinin daha da stimullaşdırılması çox vacib  şərtlərdən biridir.
Mən bayaq kiçik və orta sahibkarlara dövlət dəstəyi məsələsinə toxundum. Məsələlərə Nazirlər Kabineti səviyyəsində ciddi şəkildə yanaşılmasına baxmayaraq, aşağı strukturlarda maneəçilik və bürokratik əngəllər vardır. Bunların aradan qaldırılması da vacib şərtlərdən biridir.
Ticarət tərəfdaşlarımızın seçiminə də baxmalıyıq. Hesablama Palatasının rəyində, eyni zamanda, büdcəsinin icrası ilə bağlı sənəddə göstərilibdir ki, Rusiya iqtisadiyyatında olan geriləmələr, sanksiyaların tətbiq olunması, rus rublunun vəziyyəti bizim iqtisadiyyatımıza və maliyyə bazarımıza təsir edir. Ona görə iqtisadi tərəfdaşlarımız haqqında da düşünməyimiz vacib şərtlərdəndir. Mən bir çox məsələlərə toxunmaq istəyirdim, amma zaman azdır. Sonda hökumətə   çağırış etmək istəyirəm ki, problemli kreditlərlə bağlı məsələlərə bir daha baxsınlar. Təşəkkür edirəm.


Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən də 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə səs verəcəyəm. Müsbət məqamlar var və burada bir sıra məsələlər də şərh olunub.
Görürük ki, hesabatda dünyada iqtisadi artım tempinin düşməsi, Amerika Birləşmiş Ştatlarında kəskin monetar siyasət, Çində ümumi daxili məhsulun artım tempinin azalması, Rusiyadakı böhran və sair şəraitdə Azərbaycanda baş verən proseslərə diqqət var, o kontekstdən yanaşırıq. Ancaq 2015-ci ilin dövlət büdcəsi müzakirə olunan  zaman mən narahatçılıq keçirirdim, devalvasiya ilə bağlı kəskin bir məsələ var idi. Amma son müşahidələrim müəyyən qədər imkan verir deyəm ki, biz, demək olar ki, böhrandan çıxmışıq. Yanacaqdoldurma stansiyalarında benzinin satışı, xaricdən gətirilən avtomobillərin sayı çoxalıb, barama və digər istehsalat sahələrində məşğulluq artıb və sair.
Mən düşünürəm ki, bir sıra məsələləri də təhlil etmək lazımdır. Nədir? Biz ancaq xarici ticarət, Dövlət Neft Fondunun gəlirlərinə baxanda bilirik ki, bu məsələlər  hesabatda xarici valyuta ilə müqayisə olunub. Amma əslində, devalvasiya nəticəsində baş vermiş məsələləri lazım idi ki, yalnız manatla deyil, beynəlxalq valyuta ilə də əks etdirək. Bu, real mənzərəni daha yaxşı əks etdirə bilərdi.
Belə düşünürəm ki, bir sıra məsələlər var. Əvvəlki hesabatlarda Hesablama Palatasının rəyi vardı, orada nöqsanlar da göstərilmişdi. Məsələn, keçən dəfə göstərilmişdi ki, dövlət büdcəsinin gəlir, xərc hissələrində, funksional sahələrində, təsnifatında nöqsanlar var. Bu, müəyyən qədər aradan qaldırılıb, amma bəzi nöqsanlar hələ də qalıb. Misal üçün, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun bəzi ümumi şərhlərə səbəb olan müddəalar hələ də hesabatda qalır.
Bir məsələ, doğrudan da, narahatedicidir. Biz  bilirik ki, 2015-ci ildə Dövlət Neft Fondundan xərcləmələr başqa illərə nisbətən artıq idi və transfertlər də mühüm əhəmiyyət kəsb edirdi. Məsələn, 2015-ci ildə Dövlət Neft Fondundan transfert Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsinin 45 faizini təşkil edirdi. Ona görə də bayaq həmkarlarımın dediklərini də bölüşürəm.
Vaxt az olduğu üçün məcburam konkret bir sıra məsələləri deyim. 129 milyondan bir qədər artıq valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə fərq sənəddə öz əksini tapıb. Mən bunu müsbət qiymətləndirirəm. Qəbələ RLS ilə bağlı xərclər əvvəlkilərdən fərqli olaraq müsbətdir. Amma burada büdcə qalığının 2 milyard  307 milyon olması göstərilib və onun istifadə qaydaları da cənab Prezident tərəfindən müəyyən olunub. Bu bir daha göstərir ki, büdcə xərclərindən  qorxmaq lazım deyildir. 
Bir sıra məsələlərə də toxunmaq istəyirəm. Əvvəllər qeyd olunurdu ki, rayonlara ayrılan əsaslı vəsaitin minimum həddi hansı rayonlarda daha çoxdur. Onun yüksək hədləri də göstərilmişdi. İndi təəssüf ki, bunu görmürük. Mənə elə gəlir ki, bunu da göstərmək lazımdır. Amma nümunələr var. Mən keçən dəfə məsələ qoymuşdum, elə bil, özüm üçün danışdım. Misal üçün, Ağsu şəhərində 6 məktəbin heç biri indiyə kimi əsaslı təmir olunmayıb. Başqa rayonlarda bu xərclər göstərilir, o yoxdur.
Qeyri-hökumət təşkilatları orada maddələrlə göstərilir və biz siyasi partiyalarla bağlı məsələnin də burada ayrıca öz əksini tapmasını qeyd etmişdik. Təəssüf ki, bu məsələlər hələ də yoxdur. Yəni bunlar, ola bilər ki, müəyyən qədər xırda məsələlərdir, ancaq hər halda öz əksini tapsa, daha yaxşı olardı. Eyni zamanda, hesab edirəm ki, Serbiya Respublikası verilən kreditlə bağlı müəyyən nöqsanlar müəyyən edilib. Bu məsələlər çox ciddi təhlil olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Dövlət büdcəsinin icrası ilə bağlı məsələ həm parlamentdə, həm də cəmiyyətdə böyük maraq doğurur. Çünki icra haqqında müzakirələr görülən işlər haqqında hesabatdır. Mən deyərdim ki, dövlət  büdcəsinin icrası ilə bağlı məsələ, eyni zamanda, siyas məsələdir. Bu, hakimiyyətin öz üzərinə götürdüyü büdcə öhdəliyini nə cür yerinə yetirməsi və bundan sonra büdcə siyasətini necə davam etdirməsi ilə bağlı planları barəsində parlament qarşısında hesabatdır.
Mən məsələyə iqtisadi tərəfdən yox, siyasi tərəfdən yanaşmaq istərdim, çünki iqtisadi rəqəmlər göstərir ki, hökumət ümumən  öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bildi. 2016-cı il bütün dünya, o cümlədən Azərbaycan üçün çox çətin iqtisadi bir il olmuşdur. Neftin qiymətinin kəskin surətdə düşməsi, dünya valyutası rolunu oynayan  ABŞ dollarının uçot dərəcəsinin kəskin surətdə artması bir çox ölkələr kimi, Azərbaycan iqtisadiyyatında da müəyyən problemlər yaratmışdır. Ancaq Azərbaycanda manatın sabitliyinin  qorunub saxlanması və onun  əsl real bazar qiymətinə tapılması istiqamətində atılan addımlar, sərt maliyyə-bank siyasəti iqtisadiyyatda dayanıqlığın yaranmasına və sahibkarların fəaliyyəti üçün normal bir şəraitin yaradılmasına gətirib  çıxardı.
2016-cı il hesabatı göstərir ki, büdcə öhdəlikləri ümumən yerinə yetirilib. Burada ilk növbədə hökumətin vətəndaşlar qarşısında üzərinə götürdüyü sosial proqramların yerinə yetirilməsi prioritet təşkil edir və onların yerinə yetirilməsi ilə bağlı hər hansı bir problemdən danışa bilmərik.
Eyni zamanda, sahibkarlığa dəstək verilməsi, onlar üçün şəraitin  yaxşılaşdırılması istiqamətində hökumət tərəfindən əlavə tədbirlərin görülməsi təkcə paytaxtda deyil, eyni zamanda, regionlarda da iqtisadi fəallığın artmasına səbəb oldu. Bununla bağlı hakimiyyətin dəstəyi ilə regionlarda dövlət əhəmiyyətli proqramların həyata keçirilməsini xüsusi qeyd etmək olar. İnfrastrukturun yaxşılaşdırılması, bankların səmərəliyinin artırılması da bu qəbildəndir. Ümumən götürdükdə mən büdcənin uğurla yerinə yetirildiyini bildirmək istəyirəm və onun təsdiq edilməsini təklif edirəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Mahir Abbaszadə.
M.Abbaszadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! 2016-cı ildə qlobal miqyasda dünya ölkələrinin iqtisadi inkişaf  zəruriyyətinin zəifləməsi müşahidə edilməkdədir. Belə ki, inkişaf etmiş ölkələrdə investisiyaların azalması, neft və digər xammal məhsullarının qiymətinin aşağı düşməsi, Çin iqtisadiyyatında aparılan islahatlar, Avropa və Amerika Birləşmiş Ştatlarında gedən siyasi proseslər maliyyə bazarlarında qeyri-müəyyənliyi artırmış, ticarət göstəriciləri və iqtisadi artım aşağı düşmüş və buna görə də dünyada iqtisadi artım göstəriciləri 2015-ci ilə nisbətən 3,1 faiz aşağı olmuşdur.
2015-ci illə müqayisədə xam neftin qiymətinin aşağı düşməsi neft ixrac edən dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərmiş və nəticədə həmin ölkələrin bir çoxu dövlət büdcəsində və cari hesablar balansında problemlərlə  rastlaşmışlar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarında federal ehtiyatlar sisteminin faiz dərəcələrinin bir neçə dəfə artırılması dolların dəyərinin daha da yüksəlməsinə gətirib çıxarmışdır ki, bu da dollardan asılı valyutaların sabitliyinin təmin edilməsində müəyyən çətinliklər yaratmışdır. Bunlar isə öz növbəsində əksər ölkələrin iqtisadiyyatında inflyasiyanın artmasına və iqtisadi artım göstəricilərinin  surətinin azalmasına  gətirib çıxarmışdır.
Əlbəttə, qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da müxtəlif kanallarla təsir göstərmişdir. Belə ki, qeyd etdiyimiz proseslər Azərbaycanın xarici ticarət balansına təsir etmiş, ixrac gəlirləri bir az azalmış, əsas ticarət tərəfdaşlarımızla davam edən devalvasiya prosesləri milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinə də mənfi təsir göstərmişdir.
Belə bir iqtisadi şəraitdə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, maliyyə dayanıqlığının təmin edilməsi və bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədi ilə dövlət başçısının fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılmışdır. Bununla yanaşı, milli iqtisadiyyatın perspektivləri üzrə cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş  strateji yol xəritəsinin icrası istiqamətində atılan çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər, habelə əvvəlki illərdə ölkəmizdə yaranmış maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsi dünya iqtisadiyyatında baş verən hadisələrin Azərbaycan iqtisadiyyatında mənfi fəsadların maksimum neytrallaşdırılmasına gətirib çıxarmışdır.
Hesabat ilində əsas sosial vəzifələrin, o cümlədən az-təminatlı əhaliyə ünvanlı sosial yardımın gücləndirilməsi, sosial sahələrdə infrastrukturun inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun  artırılması, müdafiə  tədbirlərinin və dövlət büdcəsinin xidmət xərclərinin sabit maliyyələşdirilməsi üçün dövlət vəzifələri öhdəlikləri, əsasən, yerinə yetirilmişdi. Vergilər Nazirliyi proqnozları 100 faiz, Dövlət Gömrük Komitəsi isə 126 faiz həyata keçirmişdir.
2016-cı ildə fiskal siyasət, büdcə xərclərinin optimallaşdırılması, dövlət sektorunda xərclərin səmərəliyinin daha da artırılması, dövlətin borc və öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azaldılması istiqamətində işlər davam etdirilmişdir.
2016-cı ilin dövlət büdcəsinin mədaxil proqnozlarının artırılması ilə icra edilməsi, obyektiv səbəblərə görə bəzi xərclərdən qənaətlə istifadə olunması ilə bərabər, büdcə kəsirinin proqnozlaşdırdığımız 1,7 milyarddan 246 milyon manat təşkil etməsi, ümumiyyətlə, nəzərdə tutduğumuz 2,5 faiz bənddən az olmaqla ümumi daxili məhsulun 0,4 faizinə bərabər olmuşdur. Məhz 2016-cı ildə dövlət büdcəsinin düzgün icrası nəticəsində 2017-ci ilin ilk aylarında artıq iqtisadi artımın təzahürləri özünü göstərməkdədir. Bu, manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsində və qeyri-neft sektorunun inkişafında bir daha özünü göstərir. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də həmkarlarımın dediyi fikirlərə qoşuluram və hesab edirəm ki, çox yaxşı hazırlanmış bir layihədir. Bununla əlaqədar müzakirələri artıq yekunlaşdıra da bilərik. Oqtay müəllim, biz həm 2017-ci ilin büdcəsini təsdiq etmişik,  həm də mart ayında 2016-cı ilin hesabatını qəbul etmişik. Bu bir daha hökumətin şəffaf işləməsinə bir nümunədir ki, büdcənin icrası barədə Milli Məclis qarşısında hesabat verir və qanun layihəsi təqdim edir. O baxımdan da mart ayında geniş şəkildə, geniş tərkibdə onun 2016-cı ildəki fəaliyyətinə qiymət vermişik və qənaətbəxş olaraq qəbul etmişik.
Bundan sonrakı dövrdə o məsələnin geniş şəkildə müzakirəsini mən bir o qədər tərəfdarı deyiləm, çünki həm məruzəçilər, həm də çıxış edənlər tərəfindən qeyd olundu ki, bu, təkcə Azərbaycanla deyil, dünyada baş verən hadisələrlə bağlıdır. Bunların içərisində də prosesləri ən yaxşı həyata keçirən Azərbaycan olubdur. Azərbaycandan qat-qat böyük dövlətlər var. Həm devalvasiya, həm ümumi daxili məhsulun aşağı düşməsi, həm də digər məsələlər onlarda da baş verir. Bu, reallıqdır, biz də buna uyğunlaşmalıyıq. Ola bilər ki, nöqsanlar var. Bank kiməsə kredit verib, kim isə kredit ala bilməyib. Onlar kommersiya banklarıdır və iki tərəf arasında bağlanan müqavilədir. Bu müqaviləni bağlayanda hər kəs onu oxumalıdır. Bu o insanlara bir dərs olmalıdır. Qoymalıdır qarşısına və oxumalıdır. İmzasını atanda bilməlidir ki, hansı sənədə imza atır. Ondan sonra gəlib onun müzakirəsini və yaxud da məhkəmə çəkişməsini aparmalıdır.
İkinci, Konstitusiya Məhkəməsi, ümumiyyətlə, elə məsələlərə baxmır. Konstitusiya Məhkəməsi fərdlərin bir-biri ilə mübahisəsini həll etmir, hər bir qanunun, qərarın Konstitusiyaya uyğunluğunu yoxlayır və qərar verir. Adi məhkəmələr var, bu məsələlərə orada baxılır. O baxımdan kredit götürəndə insanlarımız diqqətli olmalıdırlar. Təbii ki, onun faiz dərəcəsini mən burada qeyd etmək istəmirəm. Amma hər bir kredit alan insan götür-qoy etməlidir ki, mən bu krediti qaytara biləcəyəmmi? Elə etməlidir ki, evini, maşınını, nə bilim, digər əşyalarını aparıb girov qoyub sonradan çox böyük problemlər yaşamasın. Götür-qoy eləyib sonra kreditini almalıdır.
O baxımdan hesab edirəm ki, dövlət işləyir, çalışır. Bu gün Azərbaycanda böyük tədbirlər keçirilir. Dövlətimiz hərtərəfli çalışır ki, bu addımları atsın. Yeni tikinti işləri başlayıb. Biz dünən şahidi olduq, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanımın rəhbərliyi altında Qaradağ rayonunda qaçqınlar üçün yeni binaların, Nərimanov rayonunun ərazisində isə 20 binanın tikintisinə başlanılıbdır. Nəsimi rayonunda böyük bir mikrorayon köçürülür və tikinti işləri gedir. Həm yeni iş yerləri açılır, həm də vətəndaşlarımızın güzəştli şərtlərlə mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər gedir. Nizami rayonunda bu proseslər gedir,digər rayonları da misal göstərmək olar. Təkcə Bakı şəhərində 300-dən artıq binanın tikilməsi nəzərdə tutulur. Burada kifayət qədər vətəndaşımız işləyəcək. Prezidentin rəhbərliyi ilə dövlət tərəfindən bu işlər gedir. Mən hesab edirəm ki, Oqtay müəllim, bu məsələnin müzakirəsini dayandıra bilərik. Suallar qaldırılıb, aidiyyəti strukturun rəhbərləri onları cavablandırsın, yekunlaşdıraq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yazılanlardan təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Samir müəllimə söz verək, qısa şəkildə fikirlərini desin, sonra səsvermə keçirək. Buyurun, Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında Milli Məclisə təqdim etdiyi Azərbaycan Respublikası qanununun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq Milli Məclisin komitələrində müzakirə olunmuşdur. Burada komitə sədri hörmətli Ziyad müəllim ətraflı məlumat verdi. Eyni zamanda, Hesablama Palatası tərəfindən də müvafiq rəy hazırlanıb, hörmətli millət vəkillərinə təqdim olunub.
Hesab edirəm ki, müzakirələr zamanı həm komitədə, həm də Milli Məclisin plenar iclasında bir daha göstərilir ki, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında, – 2016-cı il ağır il olmasına baxmayaraq, – dövlət büdcəsi vasitəsi ilə mühüm sosial-iqtisadi vəzifələrin icrasına nail olunmuşdur. Belə ki, cənab Prezidentin çıxışında qeyd edildiyi kimi, iqtisadiyyatın yeni reallıqlara adaptasıyası baş vermişdi. Bu həm dövlət, həm də özəl iqtisadi subyektlərə aiddir.
Bununla yanaşı, bildiyiniz kimi, dövlət büdcəsinin 2017-ci il üzrə icrası davam etməkdədir və 2018-ci il üzrə dövlət büdcəsinin layihəsi hazırlanmaqdadır. Bildiyiniz kimi, hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində də mühüm tədbirlər görülür və yeni fiskal qaydalar hazırlanmaqdadır. Eyni zamanda, dövlət borcunun idarə edilməsi üzrə strategiyanın hazırlanması prosesi də gedir. Hesab edirik ki, bu mühüm sənədlərin qəbul edilməsi ölkə iqtisadiyyatının sabitliyini və əsasən, xaricdən qaynaqlanan iqtisadi şokların qarşısının alınmasını və neytrallaşdırılmasını təmin edəcəkdir.
Hörmətli millət vəkilləri çıxışlarında dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini söylədilər. Burada bir sıra suallar qaldırıldı, mən istərdim məlumat verim. Dövlət müəssisələrinin dividendləri ilə bağlı sual qaldırılmışdı. Hörmətli Ziyad müəllim qeyd etdiyi kimi, şübhəsiz ki, dövlət büdcəsinin gəlirlərinə gəldikdə bunlar proqnoz göstəricilərdir. Proqnozlar, bilirsiniz ki, müəyyən şəraitə uyğun olaraq dəyişə də bilər. Ona görə dividendlərlə əlaqədar bu, proqnoz göstərici idi və onun icra olunmaması da əsasən onunla bağlıdır ki, ənənəvi olaraq dividendlər maliyyə sektorunda fəaliyyət göstərən dövlət qurumları tərəfindən həyata keçirilir. Yəni “Azərlotoreya”, bank qurumları və sair.
Bildiyiniz kimi, ötən il bank, maliyyə sektoru üçün ağır bir il olmuşdur. Devalvasiya nəticəsində bunların bir sıra itkiləri mövcud idi və bununla əlaqədar dividendlərin ödənməsində müəyyən azalma var idi. Kənarlaşma bununla izah olunur.
Mən özəlləşdirməyə diqqət yetirmək istərdim. Bildiyiniz kimi, cari ilin büdcəsində özəlləşmə ilə bağlı çox böyük vəzifələr qoyulub. Şübhəsiz ki, burada sosial sektorun problemlərini də nəzərə almalıyıq. Belə ki, hörmətli Qüdrət müəllim səhiyyə sahəsində özəlləşdirməyə xüsusi diqqət yetirdi. Bu sahədə, şübhəsiz ki, bəzi qərarlar verilib. Lakin bildiyiniz kimi, səhiyyə sahəsində çox böyük işçi qüvvəsi fəaliyyət göstərir. Bununla əlaqədar, hesab edirəm ki, biz bu sahənin özəlləşdirilməsinə çox həssas yanaşmalıyıq. Amma özəl sektorda fəaliyyət göstərən səhiyyə müəssisələrinin...
Oqtay müəllim, iki dəqiqəyə yekunlaşdırıram.  İcbari tibbi sığorta ilə bağlı məsələ haqqında onu qeyd etmək istərdim ki, artıq Mingəçevir və Yevlax rayonlarında pilot layihə artıq uğurla həyata keçirilməkdədir və hazırda icbari tibbi sığortanın ölkənin digər regionlarını mərhələli şəkildə əhatə etməsi üzərində işlər davam edir.
Dövlət Neft Fondundan transfertlə bağlı bir sıra suallar oldu. Mən təkcə onu qeyd eləmək istərdim ki, ardıcıl olaraq bir neçə il ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər azaldılır. 2016-cı ildə də biz bu ənənəyə sadiq qalmışıq. Ona görə burada hər hansı bir narahatçılığa əsas yoxdur. Cənab Prezidentin hökumətin qarşısına qoyduğu əsas vəzifə ondan ibarətdir ki, dövlət büdcəsinin gəlirləri neft gəlirlərindən az asılı olsun. Bu da ilk növbədə Dövlət Neft Fondundan transfertin azaldılmasına dəlalət edir.
Şübhəsiz ki, bu islahatların keçirilməsi dövründə bir sıra məsələlər mövcuddur ki, bunlar Dövlət Neft Fondundan bəzi transfertlərin edilməsi zərurətini yaradır. Bu məsələlər öz həllini tapdıqdan sonra hesab edirəm ki, biz bu siyasəti davam etdirəcəyik. Yəni bu, ümumi fiskal yığcamlaşdırmaq siyasətinin tərkib hissəsidir.
Burada siyasi partiyalara vəsaitin ayrılması məsələsinə toxunuldu. Qeyd etmək istərdim ki, vəsaitlər müvafiq qanuna uyğun olaraq ayrılır və burada hər hansı bir problem yoxdur. Hər hansı bir konkret sual varsa, cavablandırmağa hazırıq.
Mən çıxışımın sonunda dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsində fəal iştirak etdiklərinə görə və ona dəstək verdiklərinə görə millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Dəvət olunmuş qonaqlardan çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə  102
Əleyhinə  2
Bitərəf  0
Səs verməd 2
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. Siz gedə bilərsiniz.
Gündəliyin 3-cü məsələsinə keçirik. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşudur. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Cənab Sədr, hörmətli həmkarlar! Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanun layihəsi haqqında kifayət qədər məlumatınız var. Mən çox qısa danışacağam. Layihə iki oxunuşda müzakirə olunmuşdur. İkinci oxunuş zamanı layihəyə heç bir əlavə irad və təklif bildirilməyib. Ona görə belə başa düşmək olar ki, hamı layihə ilə razıdır. Ona görə xahiş edirəm, qanun layihəsini üçüncü oxunuşda səsə qoyasınız. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə  100
Əleyhinə  1
Bitərəf 0
Səs verməd 1
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
4-cü məsələ “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, müzakirənizə təqdim olunmuş bu konvensiya 2005-ci ilin may ayında Varşava şəhərində imzalanıb və təsdiq olunmaq üçün cənab Prezident tərəfindən bizim müzakirəmizə göndərilib.
Əvvəla, deyim ki, əgər fikir vermisinizsə, Azərbaycan dövləti bu konvensiyanın təsdiq olunmasına qeyd-şərtlə, bəyanatlarla qoşulur. Mən bu bəyanatların iki məqamı haqqında demək istəyirəm. Birincisi ondan ibarətdir ki, Azərbaycan dövləti Ermənistan tərəfindən işğal olunmuş ərazilərində bu konvensiyanın işləməsinə, tətbiqinə təminat vermir.
İkinci məqam isə ondan ibarətdir ki, Azərbaycan dövləti bu konvensiyanı Azərbaycan Respublikasının konstitusion prinsiplərinə və onun hüquq sisteminin əsas konsepsiyalarına uyğun olaraq tətbiq edəcəkdir. Bu da bizim milli maraqlarımıza, Azərbaycanın Konstitusiyasına və digər qanunlarına tamamilə uyğundur.
Onu da qeyd eləməliyəm ki, artıq biz bu qəbildən olan konvensiyaları qəbul etmişik. Avropa Şurasının 1990-cı ildə qəbul etdiyi konvensiya və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 19 dekabrda qəbul etdiyi “Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında” Konvensiya var. Bu sənəd həmin konvensiyalara uyğun olaraq bizim müzakirəmizə çıxarılıb.
Qalan maddələri xırdalamaq istəmirəm. Konvensiya 56 maddədən ibarətdir, Siz onlarla tanışsınız. Bir daha deyirəm ki, bizim üçün məqbul sayılan məsələlərə Azərbaycan dövləti bəyanat və qeyd-şərt formasında öz münasibətini bildirib. Ona görə xahiş edirəm, bu məsələyə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası hökuməti artıq 40-dan artıq ölkə ilə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı qanunlar qəbul etmişdir. Bu qanun layihəsi də iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına xidmət məqsədi daşıyır. Qanun layihəsinin strukturu prinsipial cəhətlərə görə digər analoji qanunlardan fərqlənmir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs verməd  0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
6-cı məsələ “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair  Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqındadır. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Qətər Dövləti Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlıq gündən-günə inkişaf edir. Cənab Prezidentin ora səfəri, Qətər Dövləti Hökuməti başçısının Azərbaycana səfər və imzalanan sazişlər gələcəkdə bu ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar  açır. Qətər Dövləti Hökumətinin aviasiyası, demək olar ki, dünya standartlarına cavab verən ən mühüm aviaşirkətlərdən biridir. Ona görə də hava nəqliyyatı sahəsində bu hökumətlə əməkdaşlığın genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunmuşdur. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd  0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
7-ci məsələ “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Adı çəkilən protokol bizim artıq 2011-ci ildə ratifikasiya etdiyimiz sazişlə bağlıdır. Ona görə də protokola səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf   0
Səs verməd 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti – 8-19-cu məsələlər bir məktubla gəlib. 8-ci məsələ  “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 268-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, cənab Sədrin qeyd etdiyi kimi, 8–19-cu məsələlər bizim 2016-cı il 31 mayda “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə etdiyimiz əlavə ilə bağlıdır. 28-ci maddə dövlət qulluğuna qəbulla bağlıdır. Dövlət qulluğuna qəbulun forması, müsabiqə və sair. İndi artıq qüvvədə olan həmin qanunun 28-ci maddəsi dövlət qulluğu, xüsusi dövlət qulluğu ilə bağlı bütün xidmətlərdə işə qəbulda öz əksini tapır. Bu paket layihəsi faktiki olaraq uyğunlaşdırma xarakteri daşıyır. Oqtay müəllim, hesab edirəm ki, onların hər biri ilə bağlı yeni fikir söyləməyə ehtiyac yoxdur, ayrılıqda səsə qoymaq lazımdır.  Sağ olun.
Sədrlik edən. Tamamilə razıyam, uyğunlaşdırmadır. Sona Əliyevanın sualı var, buyursun.
S.Əliyeva. Hörmətli sədarət və hörmətli millət vəkilləri! Bu zərfdə gələn 17-ci məsələ ilə bağlı fikir bildirmək istəyirəm. Təbii ki, bu, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Mən bu qanun müzakirəyə çıxarılmışkən sağlamlıq imkanları məhdud şəxslərin, əsasən də uşaqların və onların valideynlərinin narahatçılıqlarını dilə gətirmək istəyirəm. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 2017-ci il 15 may tarixli statistik məlumatına əsasən rayonda 0-18 yaş arası 735 nəfər əlil uşaq var. Onlardan yalnız 181-i fərdi təhsilə cəlb olunub. Bu sahədə görülən işlər, əlbəttə, təqdirəlayiqdir və 2015-ci ildə təhsil nazirinin dəstəyi ilə Şəmkir rayonunda fərdi təhsilə cəlb olunan uşaqlar üçün daha keyfiyyətli və müasir təhsilin təşkili istiqamətində 46 uşağın cəlb olunduğu distant təhsil mərkəzi yaradılmışdır.  Bu mərkəzin fəaliyyəti valideynlər tərəfindən minnətdarlıqla qarşılanır və dövlətin qayğısı kimi yüksək qiymətləndirilir.
Bu gün seçicilərin istədiyi, qaldırdığı məsələ fərdi təhsilə cəlb oluna bilməyən uşaqlarla bağlıdır və təhsil almaq onların konstitusion hüququdur. Verilən statistikaya əsasən yerdə qalan 554 uşaq müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq imkanları məhdud olduğundan fərdi təhsilə cəlb oluna bilmir və bir çox hallarda təhsildən kənar qalır. Göstərilən statistikada daha çox nevroloji, tənəffüs sistemi, qan yaradıcı orqanları, görmə-eşitmə orqanlarının xəstəlikləri üstünlük təşkil edir. Bu uşaqların xüsusi təhsil müəssisələrində təhsil almalarına ehtiyac vardır.
Belə təyinatlı müəssisələrin Gəncə şəhərində fəaliyyət göstərdiyini nəzərə alaraq valideynlərin narahatçılığını anlamaq olar. Bir çox hallarda onların rayondan və kəndlərdən Gəncə şəhərində yerləşən bu müəssisələrə uşaqları aparıb-gətirməsi fiziki və maddi baxımdan çətinliklər yaradır. Düşünürəm ki, artıq demoqrafik göstəricilər əsasında bu cür statistikanın artması da labüddür və ətraf rayonlar üçün də bu məsələ eyni dərəcədə aktualdır. Mən aidiyyəti qurumlardan bu statistik göstəriciləri daha diqqətlə araşdırmalarını, ehtiyac olduğu təqdirdə regionlarda xüsusi təyinatlı müəssisələrin və ya bu tipli qayğı mərkəzlərinin açılmasını diqqətə almalarını və məktəbəqədər və ümumtəhsil müəssisələrində inklüziv təhsil imkanlarının yenidən nəzərdən keçirilmələrini xahiş edərdim. Elə bilirəm ki, bu cür uşaqlara qayğı və dəstək hər birimizin insanlıq borcumuzdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, xahiş edirəm, 8-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə  99
Əleyhinə   2
Bitərəf   0
Səs verməd 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun.
10-cu məsələyə – “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun qəbul edildi.
Xahiş edirəm, 11-ci məsələyə – “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə səs verək.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə  98
Əleyhinə   0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  99
Nəticə: Qəbul edildi
 
Çox sağ olun.
Xahiş edirəm, 12-ci məsələyə – “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 13-cü məsələyə – “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə  98
Əleyhinə   0
Bitərəf  0
Səs verməd  0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 14-cü məsələyə – “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə   98
Əleyhinə   1
Bitərəf  0
Səs verməd  0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm,  15-ci məsələyə – “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə  98
Əleyhinə   0
Bitərəf   0
Səs verməd 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 16-cı məsələyə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd  1
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 17-ci məsələyə – “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə  97
Əleyhinə   0
Bitərəf  0
Səs verməd  2
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 18-ci məsələyə – “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi 0
İştirak edir   101
Nəticə: Qəbul edildi

Xahiş edirəm, axırıncı 19-cu məsələyə – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə  102
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 20–26-cı məsələlər də bir məktubla daxil olub. 20-ci məsələ “Haqsız rəqabət haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətl cənab Sədr, hörmətli millət vəkilləri! “Haqsız rəqabət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may tarixli Qanununa uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır.
Qanunun “İstehlakçıların çaşdırılması” adlanan 9-cu maddəsində “qanunsuz” sözü “haqsız”, “qeyri-dəqiq” və “gizli” sözləri ilə əvəz olunur. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə  98
Əleyhinə   0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
21-ci məsələ “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu layihə də uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Reklam haqqında” Qanunun o “reklam müəlliflik hüququnun obyektidir” müddəası bu qanunun üçüncü maddəsində öz əksini tapır. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.  Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, burada bir çox qanunlar eyniləşdirmə məqsədi daşıyır. Əgər etiraz yoxdursa, tənəffüssüz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sonuncu, 38-ci məsələni gələn iclaslarımıza keçirək, çünki o üç oxunuşdan keçən qanun layihəsidir.
22-ci məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əhliman Əmiraslanov, buyurun. 
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, çoxhörmətli həmkarlar! “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 12-ci maddəsinə üçüncü və dördüncü hissələrin əlavə olunması təklif olunur.
Üçüncü hissə: “Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır”.
Dördüncü hissə: “Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.”
Həmin qanunun 50-ci maddəsinə redaktə xarakterli dəyişikliklər təklif olunur. Belə ki, “müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi” sözləri “kütləvi” sözü ilə, “reklam yayımına” sözləri isə “reklamına” sözü ilə əvəz edilməsi təklif edilir. Oqtay müəllim, 37-ci məsələdə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklikdir, icazə versəniz, onu da məruzə edərdim.
Sədrlik edən. Əhliman müəllim, o başqa zərfdə gəlib, tələsməyin. Xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir   94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
23-cü məsələ “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Gündəliyin 23-cü məsələsi “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Bu qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 19 aprel tarixli təqdimatı ilə parlamentə daxil olmuşdur.
Qanun layihəsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Qanun layihəsinə olunan əlavələr uyğunlaşdırma xarakteri daşısa da, uşaq qanunvericiliyinin təkmilləşməsi, uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa “Reklamda uşaqların müdafiəsi” adlı 11-1-ci maddə əlavə edilir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin 2017-ci il 21 aprel tarixində keçirilən iclasında təklif edilən bu dəyişiklik müzakirə edilmiş və yekdil səslə Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Bir daha qeyd etmək istəyirəm ki, dəyişikliklər “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə  98
Əleyhinə   0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
24-cü məsələ “Üzümçülük və şərabçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Eldar Quliyev.
E.Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! “Üzümçülük və şərabçılıq haqqında” Qanunun “Reklam haqqında” Qanuna uyğunlaşdırılması ilə əlaqədar olaraq həmin qanuna “Şərabçılıq məhsullarının reklamı” adlı 15-1-ci maddə əlavə olunur. Bu maddənin məğzi ondan ibarətdir ki, tündlüyü 5 faizdən yuxarı olan şərab məhsullarının reklamını təklif etmək olmaz. Eyni zamanda, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının çox məhsul alan insanlara hədiyyə kimi verilməsi qadağandır. Millət vəkillərindən bu dəyişikliyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Bu uyğunlaşma dərəcələrə görə gedir də? Qüdrət Həsənquliyev görək hansı dərəcəni verəcək.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən, sözün doğrusu, başa düşmürəm, bu tündlüyü 5 faizdən aşağı olan içkilərin lobbiçiliyini kim edir? Bilirsiniz, pivənin faiz dərəcəsi 4, 3,5 olur. Yəni söhbət ondan gedir ki, 5 faizdən az olanda o da spirtli içki sayılır. Özü də insanın sağlamlığına ziyandır, qara ciyəri korlayır. Həm piylənmə, həm də şişmanlıq yaradır. Misal üçün, deyirəm, niyə biz telekommunikasiyada pivənin reklamına icazə verə bilərik, o birilərinə yox? Ona görə də düşünürəm ki, əgər bura yeni maddə əlavə ediriksə, 15-1.2.1, yəni buradan tamamilə bu spirtli içkilər çıxarılmalıdır. 5 faizə qədər də, elə sıfırdan başlayaraq. Əgər içində spirt varsa, spirtli içki sayılırsa, o çıxarılmalıdır. Yaxud götürək 15-1.1-ci maddəni. Yenə də eyni qaydada bu həll olunmalıdır.
Oqtay müəllim, bu məsələ barədə ciddi düşünməliyik. Hesab edirəm ki, bütün spirtli içkilər  çox içiləndə ziyan verir, o cümlədən də pivə. Yəni niyə bu 5 faizə qədər bura daxil edilib? Mən düşünürəm, yəqin ki, pivə istehsalçılarının marağı nəzərdə tutulub. Bunu biz buradan çıxarmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bizdə elə güclü pivə istehlakçıları yoxdur ki, bunu etsinlər. Bu, sərinləyici içki kimi gedir, amma elə alma şirəsinin də içində spirt var. Sidr şirəsinin içində, hamısında spirt var. Yəni bunu dəyişmək olmaz. Buyurun.
Z.Əsgərov. Eldar müəllim, bir sualım var. 15-1.8-ci maddədə qeyd olunub ki, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır. Bu nə deməkdir? Bunun açıqlamasını verin. “Başqa əmtəələr” deyəndə nə nəzərdə tutursunuz?
Sədrlik edən. Eldar Quliyevə mikrofon verin.
E.Quliyev. Çox məhsul alan alıcılara, adətən, hədiyyə verirlər. Burada nəzərdə tutulur ki, spirtli içkini hədiyyə vermək olmaz. Yəni kim çox məhsul alırsa, hədiyyə verirlər, həvəsləndirirlər. Son zamanlarda hədiyyənin belə bir formasını Bakıda mağazalarda verirlər. Əgər kim müəyyən qədər məhsul alırsa, ona hədiyyə verirlər. Konkret olaraq 5 faizdən yuxarı tündlüyü olan spirtli içkilərin hədiyyə verilməsi qadağandır. Sağ olun.
Sədrlik edən. Başqa əmtəələr deyəndə bəziləri öz mallarını işlətmək  üçün üstünə bir hədiyyə qoyub satırlar. Yəni buna görə deyilir ki, hədiyyə qoyulmasın. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə   92
Əleyhinə   1
Bitərəf  1
Səs verməd 0
İştirak edir  94
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
25-ci məsələ “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Arif müəllim, buyurun.
A.Rəhimzadə. Hörmətli həmkarlar, bu layihəyə edilən düzəliş də “Reklam haqqında” Qanunla əlaqədardır. Eyni zamanda, demək istəyirəm ki, gündəlikdəki 36-cı məsələ bunun eynidir. Mən hər iki dəfə də eyni sözləri deyəcəyəm. Etiraz etmirsinizsə, ikisini də məruzə edim.
Söhbət ondan gedir ki, indiyə kimi “küçələrdə, divarlarda” reklam yazılırdı. “Reklam haqqında” Qanuna əsasən “açıq məkan” ifadəsi bura daxil edilir. Həqiqətən də, kənd yerində heç küçə də yoxdur, açıq bir yerdir. Ancaq yazılırdı ki, küçə reklamı. Bax bunun mahiyyəti bundan ibarətdir. Bununla əlaqədar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda bir düzəliş edilibdir. “Yerli ödənişlərin tərkibi” adlanan 9.1.1-ci maddədə yazılır ki, açıq məkanda (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklamın yerləşdirilməsinə və yayımına görə ödənilən haqq.
Eyni düzəliş “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”  Qanuna edilibdir. Burada da həmin söz yazılır. “Yerli büdcənin gəlirləri” adlanan 7-ci maddənin 1.5-ci bəndində “açıq məkanda reklamı” sözləri yazılır. Eyni zamanda, bu maddənin 2-ci bəndində yazılır ki, bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın məbləği “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir. 35-ci maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı bunun hədlərini müəyyənləşdirir. Düzəlişlər bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Siz dediniz, düzəlişlər kiçikdir, amma lap böyüdü. Çox getdi düzəliş. Mən Əhliman müəllimə də dedim ki, o məsələni sırası gələndə danışın. Mən indi gərək yadımda saxlayım ki, 36-cı məsələni biz artıq müzakirə etmişik. Ona görə məsələləri növbə ilə demək lazımdır.
26-cı məsələ “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli millət vəkilləri, “Telekommunikasiya haqqında” Qanuna təklif edilən dəyişiklik artıq mövcud olan, işləyən hüquqi normanın bu qanunun mətninə daxil edilməsidir. 2015-ci il mayın 15-də biz “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu təsdiq etmişik, burada müzakirələr olub. Yəni indi bura əlavələr etmək istədiyimiz o normalar artıq təsdiq olunub və işləyir.
Deməli, “Telekommunikasiya haqqında” Qanuna 3 bənddən ibarət 50-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. “Telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam” adlanan maddədəki bəndlər artıq “Reklam haqqında” qanunda əksini tapıb və işləyir. Bu, qanunların uyğunlaşdırılması səciyyəsi daşıyan texniki xarakterli dəyişiklikdir. Sizdən qanun layihəsinə səs verməyinizi rica edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi xahiş edirəm, 25-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə  100
Əleyhinə   0
Bitərəf   0
Səs verməd 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
26-cı məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə  97
Əleyhinə   0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
27-ci məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli və “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2017-ci il 30 mart tarixli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
Bu sərəncamlarda ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması ilə yanaşı, həm də bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsinin mexanizminin təkmilləşdirilməsi məsələləri də öz əksini tapmışdır.
Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissəsinin 7-ci cümləsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsus əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, “bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “ictimai çimərliklərdə” sözləri ilə əvəz edilir. Bu dəyişiklikləri etməklə həmin maddə təkmilləşdirilir, dəqiqləşdirilir, konkret ictimai çimərliklər haqqında aktların tələblərinə və normalarına uyğun olması tələb olunur. Həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu dəyişikliklərdə, məncə, bir qədər anlaşılmazlıq var. Çünki bizə təqdim olunan sənədin 46-cı maddəsinin mövcud mətnində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla bu maddənin ikinci cümləsinə uyğun olaraq sahilboyu 20-50 metrlik zolağın altında və sair. Təklif olunan variantda isə o cümlə, ümumiyyətlə, çıxarılır, bir “ictimai çimərliklərdə” sözləri qalır. Biz, yəni “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi təyinatlı obyektlər” məsələsindən imtina edirik və bunu ancaq ümumi “ictimai çimərlik” kimi götürürük. Bir anlaşılmazlıq var.
Mən hesab edirəm ki, bu olduqca ciddi məsələdir. Bu “ictimai çimərlik” məfhumunun qanunda tanıtımı hansı formada gedir. “İctimai çimərlik” deyilən anlayış, ümumiyyətlə, yoxdur. Bələdiyyələrin müəyyən etdiyi çimərliklər ola bilər. Azərbaycanda çimərliklərin böyük əksəriyyəti özəldir. Onda bu ictimai də qəfəsvari bir formada olacaqdır. Amma özəldə, deyək ki, tikili olacaqdır. Qanun qadağan etmir, onlar o cür hasarı çəkəcəklər. Ona görə də hesab edirəm ki, bu məsələni bir az dəqiqləşdirmək lazımdır.
Bir də, ictimai çimərliklər məsələsindən söz düşmüşkən dənizin hasarlanması məsələsi dəfələrlə burada gündəmə gətirilibdir. İndi hasarlanmış, xüsusi dövlət mühafizəsində olmayan hasarlar var ki, bunları nə edəcəklər? Hərəsindən bir daş çıxarıb onu qəfəsvari edəcəklər ki, dənizin sahili görünsün? Yəni qanunda bu məsələlər çox dəqiq aydınlaşdırılmalıdır ki, onda onların taleyi necə olacaq. Burada, məncə, bir az, elə bil, dolaşıqlıq yaradılıb ki, özəllərin üstündən keçilsin, onlar bildiyi şəkildə çimərlik fəaliyyətlərini davam etdirsinlər, istədiyi hasarı çəksinlər, istədiyi şəkildə yolu bağlasınlar. Əsas problem onlarla bağlıdır, ictimai çimərliyin sayı onsuz da azdır. Bələdiyyənin də imkanı yoxdur ki, elə çimərliklər salsın. Məncə, qanun layihəsini bu formada qəbul etmək bir qədər doğru deyil. Buna diqqət yetirməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də 46-cı maddədə və yeni düzəlişdə bir neçə fərqli məqam görürəm. Fazil müəllimin qeyd etdiyi məsələləri mən də dəstəkləyirəm, amma istəyirəm bir məsələni deyəm. Burada anlaşılmazlıq var, təbii ki, buna aydınlıq gətirilməlidir. Amma yeni redaksiyada yazılır ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki... Ümumiyyətlə, mən elə hesab edirəm ki, biz qanun qəbul etmişdik və hər 200 metrdən bir eni 6 metr olmaq şərti ilə dənizə girişlər üçün yerlər ayrılmışdır. Bu cümlənin özündə yenə anlaşılmazlıq var. Yəni 46-cı maddəyə dəqiqlik gətirilməlidir.
Bir məsələni də qeyd edim ki, ictimai çimərliklər o yerlərdədir ki, orada nə tikili var, nə də istifadə olunur, yəni dənizin bir əlçatmaz hissəsidir. Qarşıdan yay fəsli gəlir və təbii ki, insanlarımız da dənizdə istirahət etmək istəyirlər. Bu özəl çimərliklərə münasibət dəyişməlidir. Yoxlanılmalıdır ki, hansı əsaslarla özəlləşdirilib və nəyə görə indi daş hasarları söküb yerinə dəmirdən hasarlar qoyurlar? İnsanların giriş-çıxışına məhdudiyyət qoyulur.
Mən indi parlament tribunasından istifadə edib bunu dedim. Bəlkə də bu maddənin tələblərindən kənara çıxıram. Ümumiyyətlə, qarşıdan yay gəlir və müvafiq qurumlar əgər eşidirlərsə, bu sahədə nizam-intizam yaratsınlar. İnsanları incitmək, onları kateqoriyaya bölmək olmaz. Maddi çətinliklər ölkəmizdə də var və bu qlobal prinsiplərdən, baş verən hadisələrdən doğub. Ona görə gəlin, şərait yaradaq ki, heç olmasa, aztəminatlı insanlarımız təbiətin bizə bəxş etdiyi Xəzərin sahillərindən normal qaydada istifadə edə bilsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də 46-cı maddəni xüsusi olaraq vurğulamaq istəyirəm. Əslində, qüvvədə olan variant daha məqbul idi, çünki burada qeyd olunurdu ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla. Yəni istəyir ictimai çimərliklər olsun, istəyirsə özəl – hamısına aid idi. Biz hamımız görürdük ki, qanunun bu maddələrinin tətbiqi ilə bağlı onsuz da ciddi problemlər var idi. Nəqliyyat vasitəsinin gediş-gəlişi, hasarlama qaydaları ilə bağlı ciddi problem var idi və əhalinin ciddi narazılığı olurdu. Yay fəslində bu narazılıqlar daha da artırdı.
İndi biz bu maddəni buradan çıxarırıq və bir dənə “ictimai çimərliklər” ifadəsini yazırıq. Bu “ictimai çimərliklər” ifadəsinin, əslində, açılışı nədir? Bu gün ölkəmizdəki çimərliklərin çoxu özəl qurumlarındır. Onlar “ictimai çimərliklər” anlayışını özündə ehtiva etmir. Digər qurumların, digər çimərliklərin buradan çıxarılması, əslində, qanunun bu maddəsinin yerinə yetirilməməsi ilə bağlı narahatlıqları bir az da artıra bilər.
Ona görə düşünürük ki, bu məsələyə xüsusi diqqət yetirmək lazımdır, çünki cənab Prezident də dəfələrlə vurğulayıb ki, əhalinin çimərliklərə çıxış imkanları olmalı, hasarlanma əməliyyatları, əhalinin rahat gediş-gəlişinə yaradılan əngəllər aradan qaldırılmalıdır. Həmkarlarımla razıyam ki, bu gün bu maddənin “ictimai çimərliklər” ifadəsi ilə əvəzlənməsi nə qədər səmərəli mübarizəyə imkan yaradacağı barədə, doğrudan da, düşünmək lazımdır.
Sədrlik edən. Sağ olun. Mən bilirəm ki, Eldar müəllim bu suala tam cavab verə bilməyəcək. Burada, doğrudan da, uzlaşmayan məsələlər çoxdur, bunları bir daha dəqiqləşdirmək lazımdır. Ondan sonra bu qanun layihəsinə qayıdarıq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda növbəti məsələyə keçirik. Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq.  İki məsələ  bir məktubda gəlib. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Qanun layihəsi “Vergi ödəyicilərinin 2017-ci ilin  1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı ildə qəbul etdiyi Qanunun tətbiqi ilə əlaqədardır.
Qanunun 77.4.2-ci maddəsində “verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda”. Təklif edilir ki, “hallarda” sözündən sonra “habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə” sözləri əlavə edilir. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə   96
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
29-cu məsələ “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədədir.  Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr.  Hörmətli həmkarlar, 2016-cı ildə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixində mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun qəbul olunmuşdur. Bu qanunun tətbiq ilə bağlı “İcra haqqında” Qanunun 20-ci maddəsinə düzəliş edilir. Belə ki, “İcra haqqında” Qanunun 20-ci maddəsində icra sənədi üzrə icraata xitam vermənin əsasları sadalanır. Məhz həmin adını çəkdiyim qanuna əsaslanaraq yeni bir icraya xitam vermənin əsası yaradılır. Qeyd olunur ki, “qanun əsasında borclunun dövlətə olan borcu silindikdə”. Yəni belə bir hal olduqda icraata xitam verilir. Layihəyə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə   97
Əleyhinə   0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Sosial təminatı və müdafiəni həyata keçirən  müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bu dəyişikliklər 4 qanunu – “İcarə haqqında”, “Sahibkarlıq fəaliyyət haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunları əhatə edir. Təklif edilir ki, bu qanunlarda “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin, çünki artıq  Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilmişdir. Bütün bu dəyişikliklər  ancaq bunu əhatə edir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Ziyad müəllim, iki məsələni deyirsiniz. Mən heç kimin xətrinə  dəymək istəmirəm. Hərdən elə məsələ olur ki, o, elementar uyğunlaşma, dəyişmədir. Bunu bir cümlə ilə demək əvəzinə 15 cümlə danışırsınız. Bu təkcə Sizə aid deyil. Belə olmaz axı. Xahiş edirəm, gündəliyin 30-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs verməd  0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
31-ci məsələ Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Sağ olun. Hörmətli həmkarlar, Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsi məhkumların qazanclarından tutulma ilə bağlı məsələləri özündə ehtiva edir. Bunlardan birincisi gəlir vergisidir. Məlumat üçün demək istəyirəm ki, ümumi məhkumların təxminən dörddə biri cəzaçəkmə müəssisələrində əmək fəaliyyəti ilə məşğuldur və əmək haqqı alırlar. Təklif olunur ki, 2016-cı il  tarixli qanuna müvafiq olaraq məhkumlardan da məcburi dövlət sosial sığorta haqqı tutulsun. Qeyd etdiyim kimi, hazırda bu, məhkumların dörddə birini əhatə edir.
Eyni zamanda,  məlumat üçün demək istəyirəm ki, cənab Prezidentin builki Probasiya xidmətinin yaradılması ilə bağlı fərmanına uyğun olaraq gələcəkdə mümkün olan qədər digər məhkumların da əmək fəaliyyətinə cəlb olunması ilə bağlı tədbirlər görülür. Bu tədbirlər hazırda işlənib hazırlanır. Yəqin ki, növbəti ildən öz icraatını tapacaq. Hazırda isə məhkumların dörddə birindən məcburi dövlət sosial sığorta haqqının tutulması ilə bağlı təklif irəli sürülüb. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə  93
Əleyhinə   0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 32-ci məsələ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bilirsiniz ki, bizim qanunvericilikdə həm vətəndaşlığa qəbuletmə, həm də vətəndaşlıqdan çıxma ilə bağlı rüsumlar mövcuddur. “Dövlət rüsumu haqqında” Qanunda bu məsələlər öz əksini tapıb. Məhz buna görə təklif olunur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda da “Dövlət rüsumu haqqında” Qanuna istinad olunsun. Yəni vətəndaşlığa qəbul, vətəndaşlıqdan çıxma ilə bağlı rüsumlar “Dövlət rüsumu haqqında” Qanunla tənzimlənir. Yən mahiyyət bundan ibarətdir. Bu sənədə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 33-cü məsələ “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir.  Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, “Dövlət qulluğu haqqında” Qanunun 2-ci maddəsində dövlət qulluğunun xüsusi növləri sadalanır. Bunların bir hissəsi hüquq mühafizə orqanlarıdır.
Eyni zamanda, bilirsiniz ki, yeni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Bu da xüsusi dövlət qulluğu olduğuna görə 2-ci maddədə onun da adının qeyd olunması təklif olunur. Bu  tamamilə düzgündür və layihəyə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.38 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd  0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
34-cü məsələ Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, biz 2015-ci ildə İnzibati Xətalar Məcəlləsini yenidən qəbul etdik və bunun əsas səbəbi inzibati xətalarla bağlı cərimə sanksiyalarının artırılması idi. Onu da qeyd etmək istəyirəm ki, qəbul etdiyimiz İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə müvafiq olaraq inzibati cərimə məbləğinin yuxarı həddi fiziki şəxslərə 5 min manat, vəzifəli şəxslərə 10 min manat, hüquqi şəxslərə isə 50 min manat müəyyən olundu. Amma bizim Cinayət Məcəlləsində maksimum cərimə 10 min manata qədərdir. Məhz buna görə də təklif olunur ki, bu cərimə Cinayət Məcəlləsində 20 min manata qədər müəyyən olunsun. Çünki bir kolliziya yaranmışdı, İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyalarının həddi Cinayət Məcəlləsindən daha üstün idi. Eyni zamanda, cənab Prezidentin müvafiq fərmanı oldu və hazırda Cinayət Məcəlləsinin 17 fəslində, – mən onları sadalamaq istəmirəm, çünki layihədən görünür, – sanksiyalar artırılır. Bəzilərində 2-10 dəfə, bəzilərində isə hətta 20 dəfə artırılır.
Cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, bu layihə Milli Məclisə təqdim olumuşdu və sonra qanunvericilik təşəbbüsü subyekti ilə bir sıra müzakirələr aparıldı. Müzakirələrin mahiyyəti ondan ibarət idi ki, cənab Prezidentin fevral ayında müvafiq fərmanı olmuşdu. İqtisadi sahədə cinayətkarlıqla bağlı bir sıra maddələrin   dekriminallaşdırılması ilə bağlı işçi qrupu yaradılıb və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunacaq.
Bu baxımdan bizim komitədə də müzakirə zamanı belə bir fikir səslənmişdi ki, əgər o layihə təqdim olunacaqsa, burada niyə sanksiyalar artırılır? Bir daha vurğulamaq istəyirəm ki, biz bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik. Qərar və təklif ondan ibarət oldu ki, indi təqdim olunmuş layihənin qəbulu zəruridir. Ona görə ki, bu, Prezidentin fərmanından irəli gəlir. Ancaq gələcəkdə iqtisadi sahədə cinayətkarlıqla bağlı dəyişdirilə biləcək məsələlər ola bilər. Hazırda 17 fəslin böyük bir hissəsi İnzibati Xətalar Məcəlləsi ilə uyğunsuzluq təşkil edir. Qeyd etdiyim kimi, Cinayət Məcəlləsinin sanksiyaları İnzibati Xətalar Məcəlləsinin sanksiyalarından qat-qat aşağıdır.
Bu baxımdan qeyd edirəm ki, qanunvericilik təşəbbüsü subyektinin mövqeyi kifayət qədər əsaslıdır. Biz bunu indiki mərhələdə Prezident fərmanının icrası ilə bağlı səs verib qəbul etməliyik. Gələcəkdə isə Cinayət Məcəlləsinə iqtisadi cinayətkarlıqla, təkmilləşdirmə ilə bağlı layihə təqdim olunarsa, hətta Cinayət Məcəlləsinin bu layihədə olan 1-2 maddəsinə ehtiva edərsə, hesab edirəm ki, problem deyil. Cənab Sədr, mövqe bundan ibarətdir, bunu səsləndirdim. Komitə üzvlərinə, təbii ki, geniş arayış verilib, digər millət vəkillərinə də bunu çatdırmaq istədim. Başqa suallar varsa, buyurun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Düşünürəm ki, hazırda Azərbaycanda cinayətkarlığa qarşı mübarizənin səmərəliyini artırmaq üçün müəyyən məsələlər üzrə cəzaları sərtləşdirməyə ehtiyac var. Amma onu da qeyd etmək istəyirəm ki, ümumiyyətlə, cinayətkarlığa qarşı mübarizədə cəzanın sərtləşdirilməsi yalnız kiçik bir zaman ərzində səmərəli olur. Sonradan insanlar öyrəşirlər. Əgər  hesab edirlərsə ki, onlar məsuliyyətdən yayına biləcəklər, onda cəzanın sərtliyi cinayətkarlığın qarşısının alınmasında heç bir rol oynamır. Onun üçün düşünürəm ki, hazırda cəzanın labüdlüyünün təmin olunmasına diqqət yetirməliyik və bir də çalışmalıyıq ki, cəzalar ədalətli olsun. Burada yüzlərcə normaya əlavə və dəyişikliklər edilir. Amma mən, sadəcə, bir norma haqqında danışmaq istəyirəm. Hesab edirəm ki, bu kifayət edəcək ki, biz bu məsələni geri qaytaraq və onun üzərində yenidən işləyək.
Məsələn, maddə 295 “Bilə-bilə ədalətsiz hökm, qətnamə,  qərardad və qərar çıxarma” adlanır. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə,  qərardad və qərar çıxarması 5 min manatdan 8 min manata qədər cərimə və ya 3 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hakim bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarırsa, bu, dövlətin birbaşa  əsaslarını dağıdır. Vətəndaşın dövlətə, xalqına olan inamının itməsinə gətirib çıxarır ki, necə millətik, bir-birimizə münasibətdə bu qədər ədalətsiz qərarlar qəbul edirik. Ona görə də buradan cərimə bir cəza növü kimi, ümumiyyətlə, çıxarılmalıdır və bu, ağır cinayətlər kateqoriyasına aid edilməlidir. Bilə-bilə ədalətsiz qətnamə, hökm çıxaran hakimin ən aşağı cəzası 7 ildən başlamalıdır. 7 ildən 15 ilə qədər nəzərdə tutulmalıdır.  İndi bəzi hakimlər xüsusilə mülki işlərdə məhkəmə prosesini hərraca çevirirlər, kim çox pul versə, onun xeyrinə qərar çıxarırlar. Sonra da uzaqbaşı deyir ki, lap məni 8 min manat cərimə etsinlər.
Vaxtilə mərhum Prezident Heydər Əliyev hüquqi islahatların həyata keçirilməsi üçün xüsusi komissiya yaratmışdı. O komissiyanın işi yenidən təşkil olunmalıdır. O cümlədən də Cinayət Məcəlləsinin üzərində yenidən ciddi şəkildə işləməliyik və müəyyən düzəlişlər etməliyik. Oqtay müəllim, mən bir normanı ona görə burada xatırlatdım ki, biz yenidən bu məsələlərin üzərinə qayıda bilək.
İkincisi, indi Əli müəllim əlaqələndirdi ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etmişik, cərimələri sərtləşdirməliyik. Bilirsiniz ki, ölkədə 2 dəfə devalvasiya baş verib. Onsuz da əhalinin sosial vəziyyəti ağırlaşıb. Mən bayaq büdcənin icrası ilə bağlı qanun layihəsi müzakirə olunarkən söylədim ki, əmək haqqı 6,9 faiz artıb, amma inflyasiya 12,4 faizdir. Yəni indi əvvəlki cərimələr də vətəndaşlar üçün müəyyən məhrumiyyətlər yaradır. Bunun məbləğinin bəzən kəskin şəkildə, – Əli müəllim dedi, – 20 dəfə artırılması, hesab edirəm ki, indiki şəraitdə doğru, düzgün addım olmazdı. Mən təklif edirəm ki, bu məsələni geri qaytaraq və bunun üzərində ciddi şəkildə yenidən işləyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, dəyərli həmkarlar, hörmətli media nümayəndələri! Mən Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı fikirlərimi bildirmək istərdim. Layihəyə diqqət yetirdim, demək olar, bütün sahələr üzrə cərimələrin miqdarı artırılır. Əlbəttə, bu, cəmiyyətdə məsuliyyət hissini müəyyənləşdirəcəkdir.
Cərimə artımı nə dərəcədə adekvatdır? İndiki məqamda bu suala da cavab tapmalıyıq. Düşünürəm ki, adekvatlıq var. Ümumən qanunların işləməsi naminə cərimələrin miqdarında nəzərəçarpacaq artımın olması vacibdir. Amma layihədə diqqətimi çəkən bəzi məqamlara da toxunmaq istərdim. Məsələn, jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaqla bağlı cərimə hazırda 100–500 manatdır. Yeni layihədə isə bu rəqəm 500–1000 manat arası nəzərdə tutulub. Halbuki qanunsuz ov etmək üçün cərimə həddi 100–500 manatdan 2–3 min manata qaldırılıb. Yaxud balıq və digər  su resurslarının qorunması qaydalarını pozmağa görə cərimənin miqdarının 100–500 manatdan 3–6 min manata qədər qaldırılması təklif olunub.
Hesab edirəm ki, biz cərimələri artırarkən məsələnin ictimailik dərəcəsinə önəm verməliyik. İndiki halda jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq daha böyük məsuliyyətdir, nəinki qanunsuz ov etmək. Jurnalistin peşə fəaliyyətinə maneçilik yaratmaq həm də mənəvi məsuliyyətdir.
Fikrimi davam etdirərək bir məqama da toxunmaq istəyirəm. Son zamanlar internetdə çoxlu sayda saxta profillər meydana çıxıb. Həmin profillərdə müxtəlif şəxslər böhtan və təhqirlərlə üzləşir, mənəvi şantaja və terrora məruz qalırlar. Buna görə cərimə hazırda 1000–1500 manat arasıdır. Müzakirə etdiyimiz layihədə isə bu rəqəm 1000–2000 manat nəzərdə tutulur. Müqayisəli yanaşsaq, daha bir qeyri-adekvatlıq da bundadır, çünki son zamanlar sosial şəbəkələr həyatımıza daxil olublar. Onlar virtual yox, artıq real məkandır. Bu məkanda baş verən hadisələr və proseslərin mənfi təsirləri daha çox aktuallaşmaqdadır. Bu gün saxta profillər ailələrin dağılmasına səbəb olur, bir növ cəmiyyətin özəyini parçalayır. Ola bilməz ki, bu məkanda nəzərdə tutulan məsuliyyət balıq ovlamaqdan az olsun.
Böhtan və təhqirə görə cərimə həddinin də yüksək olması yaxşı olardı. Əvvəl böhtana görə 100–500 manat, təhqirə görə isə 300–1000 manat arası cərimə nəzərdə tutulurdu. Yeni layihədə bu rəqəm 1000–1500 manat nəzərdə tutulub. Cərimələr daha yüksək olmalıdır.
Həm də ona görə ki, bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursları yaradırlar. Məqsədləri rəqiblərinə qarşı qara piar kampaniyası aparmaqdır. Biz araşdırmışıq, məhz onların yaratdıqları saytlarda öz rəqiblərinə qarşı təhqir və böhtanlar baş alıb gedir. Düşünürəm ki, bu sahədə yarıtmaz hallarla mübarizə aparmaq üçün cərimələr artırılmalıdır. Ancaq çalışmalıyıq ki, qurunun oduna yaşı yandırmayaq.
Sonda Cinayət Məcəlləsində rüşvət vermək üçün nəzərdə tutulan cərimə miqdarının əhəmiyyətli dərəcədə artımı məsələsi üzərində dayanmaq istərdim. Cərimə həddinin 8–12 min manat arasında olması nəzərdə tutulur. Hesab edirəm ki, bu da vacibdir. Rüşvət və rüşvətxorluğa, korrupsiya hallarına qarşı mübarizə günümüzün tələbidir. Mübarizə həm qanunda nəzərdə tutulanları əsas götürməklə, həm də ictimai qınaq metodlarından yararlanmaqla aparılmalıdır.
Hesab edirəm ki, Azərbaycan jurnalistikası bu sahədə müsbət praktika ortaya qoyub. Azərbaycan Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay öncə biz Mətbuat Şurasının Reket jurnalistliyə qarşı mübarizə komissiyasının tərkibini genişləndirmişik. Komissiyaya dövlət qurumlarının təmsilçilərini də cəlb etdik. Bilirsiniz, reket jurnalistika təkcə jurnalistikanın deyil, bütövlükdə cəmiyyətin bəlasıdır. Onun əsasında təmənnalı münasibət dayanır. Burada da iki qütb iştirak edir. Bunlardan biri rüşvət alandırsa, digəri rüşvət verəndir. Hesab edirəm ki, dürüst fəaliyyəti olan kəs rüşvət verməz, yaxud hansısa nəlayiq sövdələşmələrə getməz. Sonda bir daha deyim ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirirəm və onları dəstəkləyəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu dəyişiklikləri dəstəkləyəcəyəm. Bəli, bir sıra məsələlərlə bağlı cərimələr sərtləşdirilməlidir ki, o sahədə qaydaları daha doğru tənzimləmək mümkün olsun. Amma mən bir-iki məsələyə diqqəti çəkəcəyəm. Hörmətli Əli müəllimin diqqətini də bura yönəltmək istəyirəm, çünki bunlar birbaşa qadınların, anaların sağlamlığı ilə bağlıdır. Vurğulamaq istəyirəm ki, bunlar ciddi mübarizə aparılmalı məsələlər olduğu halda cəzalar nə qədər adekvatdır? Bunlar qanunsuz abort etmə ilə bağlı məsələlərdir. Ümumiyyətlə, tibb müəssisələrindən kənarda abort etdirmək çox ciddi məsələdir. Qadınların, anaların sağlamlığıdır, ailələrin gələcəyidir. Biz tibb müəssisələrindən kənarda abort etdirməyə görə 500 man-atdan 1000 manatadək cərimə nəzərdə tuturuq. Bu, ciddi və adekvat cəza deyil.
Ən dəhşətlisi ondan ibarətdir ki, ali tibbi təhsili olmayan şəxs tərəfindən abort edilməyə görə 1000 manatdan 1500 manatadək cərimə müəyyənləşdiririk. Ümumiyyətlə, ali tibbi təhsili olmayan şəxs tərəfindən bu prosesin həyata keçirilməsi birbaşa ananın sağlamlığının təhlükə altına qoyulmasıdır. Biz min manat cərimə ilə belə insanlara məsuliyyətdən yaxa qurtarma imkanını tanımamalıyıq. Ona görə düşünürəm ki, bunlar elə də ağır cərimələr deyil. Ali tibbi təhsili olmayan insanın bu məsələni həyata keçirməsi tamamilə qadağan olunmalıdır. Bu, sadəcə, 1000 manatdan 1500 manatadək cərimə ilə və ya hansısa islah işləri ilə yaxası kənara çəkiləcək bir məsələ olmamalıdır.
Digər bir məsələ isə ehtiyatsızlıqdan ağır zərər vurma ilə bağlıdır. Son vaxtlar avtomobil qəzalarının sayı artıb. Avtomobili içkili vəziyyətdə idarə etmək və ya hansısa yolla sürücülük vəsiqələri əldə etmək və sair bu kimi halları qeyd etmək olar. Hamısının da bir bəraəti var, ehtiyatsızlıqdan etdik. Amma insana ağır zərər vurulur və onun bu gün tibbi sığortası da yoxdur. Biz bu insanlara imkan verməməliyik ki, ehtiyatsızlıq bəhanəsi ilə 1200–2400 manat arasında cərimə ilə canlarını qurtara bilsinlər. O zaman insanlara dəyən zərər, əməliyyatlar 10 min, 15 min manat məbləğində dəyərləndirilir. Onlara dəstək olmaq lazımdır. Amma onlar bunu etməmək üçün bu cərimələrlə yayına bilirlər. Ona görə bəzi maddələrə təkrar baxmaq lazımdır, bu cərimələrlə nə qədər səmərəli mübarizə aparmaq mümkündür? Buna bir diqqət edilməsini çox xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Cərimələrdən hamının xoşu gəlib. Miqdarı bilmək istəyirlər. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Sözün düzü, çıxış eləmək fikrim yox idi, amma Qüdrət müəllimin bir fikrinə münasibət bildirmək istəyirəm. Azərbaycan məhkəmələri dövlətin adından hökm və qətnamə çıxarırlar. Bu məhkəmələr “o məsələləri hərraca qoyublar” fikri ilə qətiyyən razı deyiləm. Əgər sizə lazımdırsa, Məhkəmə-Hüquq Şurasının üzvü kimi statistikanı verə bilərəm. İntizam icraatı qaydasında nə qədər hakim etdiyi əməlin dərəcəsindən asılı olaraq ya vəzifəsindən uzaqlaşdırılır, ya məsuliyyətə cəlb olunur, ya vəzifəsi dəyişdirilir, ya da vəzifəsi kiçildilir. Xeyli islahatlar gedir. Heç bir əsas olmadan məhkəmələr bu işlə məşğuldur demək doğru deyil. Xahiş edirəm, bu məsələlərdə bir az məsuliyyətli olaq.
Belə hallar var və onlar da məsuliyyətə cəlb olunurlar. Bu bütün məhkəmələrə aid deyil axı. İndi ayrı-ayrı hallarda bu ola bilər. Onlar da cəzalandırılırlar, vəzifədən çıxarılırlar. Mən sizə deyim ki, son illərdə hakimlərin seçilməsi ilə bağlı çox şəffaf qayda müəyyən olunub, çox şəffaf prosedur var. Özü də son illər cavan, çox yüksək səviyyəli kadrlar gəlir. Amma bütün məhkəmələrə bunu şamil eləmək, doğrudan da, gülünc bir məsələdir. Buna görə xahiş edirəm, bir də bu məsələlərdən danışanda məsuliyyətli olaq. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim, çıxış elədin, sənin sözünü kəsmədik. O da cavabını verdi, qurtardı. Bu müzakirənin yeri deyil axı. Əli müəllim, buyur, bəzi məsələləri cavablandır, bu məsələ ilə qurtaraq.
Ə.Hüseynli. Çox sağ olun, Oqtay müəllim. Qənirə xanım, Sizin sualınıza cavab olaraq demək istəyirəm ki, burada artırılan ancaq cərimələrdir. O sanksiyalarda azadlıqdan məhrumetmə durur. Yəni dediyiniz kimi, qanunsuz abort, ehtiyatsızlıqdan nəqliyyat vasitəsi ilə törədilən qəza ilə bağlı biz Cinayət Məcəlləsində vaxtilə kifayət qədər ciddi azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutmuşuq. İndi etdiyimiz dəyişiklik budur ki, mövcud cərimə sanksiyaları çox az idi, onu artırmışıq. Bir daha vurğulamaq istəyirəm, mövcud sanksiyalara münasibətdə təxminən 10–20 dəfə artırılıb.
Ümumiyyətlə, bu layihə azadlıqdan məhrumetmə ilə bağlı rəqəmlərə toxunmur. Misal üçün, Qüdrət müəllim söylədi ki, cəzaların sərtləşdirilmsəi bəzən səmərə  vermir. Mən də prinsipcə o fikirlə razıyam ki, ağır cəza heç də həmişə cinayətkarlıqda çəkindirici rol oynamır. Amma elə o məntiqlə yanaşanda 295-ci maddə – 3 ilə qədər azadlıqdan məhrumetmə var. Onda nə üçün onu artıraq ki?
Demək istəyirəm ki, bugünkü müzakirə heç bir halda Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə ilə bağlı cəzaların artırılmasına həsr olunmayıb. Bugünkü müzakirə ancaq mövcud cərimə sanksiyalarının artırılmasıdır ki, o da İnzibati Xətalar Məcəlləsi ilə uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır. Yəni bu baxımdan cinayət qanunvericiliyi ilə bağlı yeni diskussiya açmağa, açığı, ehtiyac görmürəm.
Eyni zamanda, hesab etmirəm ki, cərimə sanksiyalarının artırılması cərimənin ödəmə qabiliyyəti ilə bağlı hansısa bir mütənasibliyi özündə göstərməlidir. Bu, əsla belə deyil. Hörmətli Sədr, vaxtilə elə bu parlamentdə hörmətli millət vəkilləri məsələ qaldırırdılar ki, azadlıqdan məhrumetmə yolu ilə yox, məhz cərimə sanksiyaları ilə cəzalandıraq, çünki bu daha effektlidir. Bu sanksiyaların artırılması o məqsədi daşıyır ki, onu ödəmək mümkün olmasın, insanlar, vətəndaşlar, vəzifəli şəxslər, hüquqi şəxslər bundan çəkinsinlər. Çünki cərimə sanksiyası daha effektli, daha çəkindiricidir.
Eyni zamanda, hesab edirəm ki, cinayət qanunvericiliyində azadlıqdan məhrumetmə sanksiyalarının artırılmasındansa, cərimə sanksiyalarının artırılması yolunu tutmağımız daha humanist addımdır. Demək istədiklərim bu qədər. Amma Oqtay müəllim, məlumat üçün demək istəyirəm ki, gələcəkdə Cinayət Məcəlləsi ilə bağlı yeni layihələr təqdim olunacaq. O isə sırf iqtisadi sahəyə həsr olunacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bütün məsələlər aydınlaşdı. Xahiş edirəm, 34-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə  94
Əleyhinə  2
Bitərəf   0
Səs verməd 1
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
İki qanun layihəmiz qaldı. Publik hüquqi şəxslər haqqında qanun layihəs bir neçə oxunuşdan keçməlidir. Elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hə, bir. Onda Rafael Cəbrayılov, buyurun, məlumat verin. 
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. “Publik hüquqi şəxslər haqqında” Qanun Azərbaycan Respublikasının qanunvericilik sistemində yeni qanunlardandır. Qəbul olunduğu andan da uğurla tətbiq olunur. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə də müvafiq orqanların bazasında bir çox publik hüquqi şəxs yaradılıb. Ölkə Prezidenti tərəfindən bu qanuna təklif olunan əlavə və dəyişikliklərin əsas məğzi 3.4 və 6.4-cü maddələrdə təsbit olunub. Bu da ondan ibarətdir ki, publik hüquqi şəxslər “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş xidmətləri göstərdiyi halda “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumu tuturlar.
6.4-cü maddəyə təklif olunan dəyişiklik isə bundan ibarətdir ki, publik hüquqi şəxslər “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş hüquqi faktların qeydiyyatı ilə bağlı hüquqi xidmətləri göstərdikləri halda “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu tuturlar və publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulduğu hallarda dövlət qulluqçusu statusuna bərabər tutulurlar.
Bundan başqa, hörmətli həmkarlarımın nəzərinə çatdırım ki, qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən elə bu gün həmin layihəyə yeni bir  təklif də daxil olub. Vaxt məhdudiyyəti ucbatından yeni təklif hörmətli həmkarlarımıza paylanılmayıb. Hörmətli həmkarlarım, bu təklif ondan ibarətdir ki, “Publik hüquqi şəxslər” haqqında Azərbaycan Respublikasının Qanununda “törəmə publik hüquqi şəxs” anlayışı aradan qaldırılır və publik hüquqi şəxslərin öz növbəsində törəmə publik şəxs yaratma hüququna xitam verilir. Mən düşünürəm ki, bu çox səmərəli bir təklifdir, çünki müvafiq icra hakimiyyəti orqanı, habelə bələdiyyələr tərəfindən yaradılan publik hüquqi şəxsin öz növbəsində törəmə publik hüquqi şəxs yaratması, habelə müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən aldığı əmlakın bir hissəsini öz yaratdığı törəmə publik hüquqi şəxsə ötürməsi kifayət qədər qaranlıq məqamlar yaranmasına gətirib çıxara bilər. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, qanunvericilik təşəbbüsü hüququ subyektinin irəli sürdüyü bu təkliflərə səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Çox qısa şəkildə bu məsələyə münasibətimi bildirmək istəyirəm. Əlbəttə, bizim hər birimiz bunun tərəfindəyik ki, ölkədə müvafiq dövlət strukturları cəmiyyətdə mövcudluqlarını sübuta yetirmək üçün bu cür təşkilati idarəetmə  formasını  dəyişdirsinlər.  Artıq bizdə bu proses başlanıbdır. İnd maliyyə  bazarlarına  nəzarət  üzrə qurum qeyd olunan statusda fəaliyyət  göstərməkdədir.  Ona  qədər  isə  Tələbə Qəbulu üzrə  Dövlət Komissiyası digər dövlət idarəetmə sistemi – işə götürməklə bağlı qurumla birləşdirilərək Dövlət İmtahan Mərkəzinə çevrilib.
Amma indi etdiyiniz dəyişiklikləri nəzərdən keçirərkən qarşımıza bu sual çıxır. Onların həyata keçirdikləri bu servisin qiymət tarifləri necə tənzimlənməlidir? 6.2.7-ci maddəni oxuyuram: Əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymət olub-olmaması məsələləri nizamnamə vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim etməklə baxılacaq.
Cənab Sədr, bildiyiniz kimi, bu ildən başlayaraq tələbə qəbulu həyata keçirilərkən qeyd olunan tariflər müəyyənləşdi. Bu rəqəm 40 manatdır. Lakin ölkə rəhbərinin prosesə müdaxilə etməsindən sonra ilk dəfə imtahan verənlərdən o rüsumlar alınmadı. Lakin artıq ikinci imtahan verənlər üçün bu, tətbiq olunmağa başladı. Mən istəyirəm, o rəqəmi səsləndirəm. Yəqin hər kəsin diqqətini cəlb etmək mümkün olacaq ki, bunlar həmin xidmətlərdən nə qədər vəsait əldə edə bilirlər. Bunların tarifləri dövlət orqanları tərəfindən tənzimlənməlidirmi? Mən oxuyuram. Büdcəmizin icrası ilə bağlı məsələ müzakirə edirdik, Tarif Şurasının katibliyinin saxlanmasına 500 min manat vəsait xərclənibdir. Bunların da işi ondan ibarət olmalıdır ki, bu prosesi cəmiyyətdə analiz etsinlər.
Mən iddia eləmirəm, əlbəttə, o fikirdə deyiləm ki, adamlar bu vəsaiti ödəyə bilmədiklərindən imtahan vermək fikrindən özlərini daşındırırlar. Mənim qaldırmaq istədiyim məsələ ondan ibarətdir ki, əlbəttə, bu proses genişlənəcək. Daha yeni-yeni qurumlar publik hüquqi şəxsə çevriləcəklər. Belə olan təqdirdə onların xidmətlərini məhz qeyd etdiyimiz Tarif Şurası vasitəsi ilə tənzimləmək lazım gələcək. Əgər biz daha kütləvi bir sahədə bunu həyata keçiririksə, digər müxtəlif sahələri sadalaya bilərdim. Bunu nə üçün biz, tutaq ki, tələbə qəbulunda, magistraturaya qəbulda və digər sahələrdə etməyək? Müqayisə üçün deyim ki, cəmi bir il ərzində, yəni 2016-cı ildə tələbə qəbulu üzrə ayrılan xərclər 2 milyon manatdan bir qədər yuxarı olub. Amma indi magistratura və tələbə qəbulundan əldə olunan vəsait ondan qat-qat yuxarıdır. Əlbəttə ki, hər birimiz onların büdcə imkanlarının böyük olmasını arzulayırıq. Qətiyyən o fikirdə deyilik ki, onların vəsaitləri az olsun. Orada çalışanlar yeni-yeni modellər gətirirlər.
Hər kəs şahiddir ki, bu ölkədə tələbə qəbulu sistemi şəffafdır. Aztəminatlı insanların övladları 10 illərdir 700 bal toplaya bilirlərsə, deməli, şəffafdır. Hər halda hər hansı bir vəzifə adamı iddia edə bilmir ki, mənim övladım onu toplayıb. Bizim fikrimiz onların fəaliyyətinə hər hansı bir şübhə, sual yaratmaq deyil. Gerçəkdən bu illər ərzində bu model uğurla işləyir ki, gələcək dönəmdə də onlar təhsillərini davam etdirsin. Ona görə düşünürəm, biz gələcəkdə publik hüquqi şəxslərlə bağlı qanunvericilikdə qeyd eləməliyik ki, onların fəaliyyəti həm də Tarif Şurasının vasitəsi ilə tənzimlənir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun, cənab Sədr. “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul ediləndən sonra dövlət büdcəsindən müəyyən qədər dəyişiklik edilməsi üçün bir sıra dövlət təşkilatları, o cümlədən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası publik hüquqi şəxsə çevrilib. Yəni bu komissiya faktiki olaraq sosial layihə həyata keçirir, tələbələrin qəbulu ilə məşğuldur. İldə biz dövlət büdcəsindən həmin komissiyaya 7 milyon manat vəsait ayırırıq. 7 milyon manat vəsaitə görə belə bir sosial layihənin ləğvi düzgün deyildir. Çünki uzaq rayonlardan, kəndlərdən gələn insanlar üçün 40–50 manat böyük vəsaitdir. Bu vəsaiti ödəmədən onlar imtahan verə bilməzlər.
Mən başa düşmürəm, cənab Prezident həmişə sosial layihələrə üstünlük verir. Niyə bu 7 milyon manata görə biz komissiyanı publik hüquqi şəxs elədik? Buna heç bir ehtiyac yoxdur. Yəni böyük vəsaitdən söhbət getsəydi, başa düşərdim. Mən belə hesab edirəm ki, bu layihəyə yenidən baxmaq lazımdır. Yəni uzaq rayonlardan, kəndlərdən gəlib imtahan verən insanlar üçün 40–50 manat böyük vəsaitdir. Yəni burada ciddi problemlər yaranır. Mən xahiş edərdim, bu məsələyə baxılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul ediləndə bunu demək lazım idi.
İkinci, bu hələ təzə yaranıb, qoyun bir ili tamam olsun, sonra dəyişikliklər də olacaq, ona baxılacaq da. Hələ bismillah deməmiş hərəmiz bir tərəfdən başlamışıq ki, o pisdir, bu pisdir.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.09 dəq.)
Lehinə  96
Əleyhinə  1
Bitərəf 0
Səs verməd 1
İştirak edir   98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
36-cı məsələni Arif müəllim məruzə eləmişdi. Xahiş edirəm, 36-cı məsələyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.10 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.

Artıq yaz sessiyasının son iclasıdır. 38-ci məsələni saxladıq. 37-ci məsələ yaz sessiyasının gündəliyindəki sonuncu məsələdir. Sözü Əhliman müəllimə verək və Əhalinin sağlamlığının qorunması haqqında qanun layihəsinin müzakirəsi ilə sessiyamızı başa vuraq. Buyurun, Əhliman müəllim.
Ə.Əmiraslanov. Təşəkkür edirəm, Oqtay müəllim.  Dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 53-cü maddəsinə aiddir. Təklif olunur ki, bu maddəyə “Həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə” məzmununda 7-ci bənd əlavə edilsin. Hörmətli millət vəkillərindən bu dəyişikliyin lehinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əhliman müəllim. Xahiş edirəm, sonuncu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, nəzərinizə çatdırdım ki, sizin müraciətinizlə növbədənkənar sessiya olacaq. Ancaq bu gün 2017-ci ilin yaz sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
 
EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

31 may 2017-ci il
____________________________________________________

Ağalar Vəliyev. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hazırda qlobal dünya iqtisadiyyatında baş verən böhran şəraitində ölkəmizin qarşısında duran əsas vəzifə mövcud potensiala əsaslanaraq Azərbaycanın davamlı inkişafını təmin etməkdir.
2016-cı ilin dövlət büdcəsi konseptual olaraq sosial-iqtisadi inkişaf göstəricilərinə və ÜDM-in artım dinamikasının davamlılığına əsaslanmışdır. Büdcə göstəricilərinin təhlili onu göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin büdcəsi də investisiya tutumlu və sosial yönümlü olmaqla, ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və iqtisadiyyatın diversifikasiyasını hədəfləmişdir.
Dövlət büdcəsinin uğurlu icrası nəticəsində ötən il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda davamlı inkişafın təmin edilməsi, qeyri-neft məhsulları ixracının dəstəklənməsi və idxaldan asılılığının azaldılması, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin və yeni emal müəssisələrinin yaradılması istiqamətində əməli tədbirlər görülmüşdür ki, bütün bunlar öz növbəsində iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirmişdir.
Hörmətli komitə sədri Ziyad müəllim və hörmətli maliyyə naziri Samir müəllim keçən ilin əsas yekunları barədə kifayət qədər ətraflı məlumat verdilər və  ölkənin iqtisadi potensialı gücləndikcə dövlət büdcəsinin sosial-iqtisadi həyatda rolunun artdığını vurğuladılar.
Belə ki, 2016-cı ilin dövlət büdcəsində iqtisadiyyatın bir çox sahələri üçün kifayət qədər vəsait nəzərdə tutulması investisiya layihələrinin həyata keçirilməsinə və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasına münbit şərait yaratmışdır.
Bu baxımdan iqtisadiyyatın ayrı-ayrı sahələrinin yeni yanaşmalar, yeni tələblər əsasında formalaşması və inkişaf etdirilməsi ölkədə sənayeləşmə siyasətinin həyata keçirilməsinin uğurlu nəticələrindən biri kimi dəyərləndirilə bilər.
Azərbaycanın dinamik inkişafını təmin edən vacib amillərdən biri, heç şübhəsiz ki, sahibkarlıqdır. Bu gün sahibkarlıq subyektləri ölkənin strateji resursu kimi çıxış edir və təsadüfi deyil ki, hazırda özəl sektorun payına ÜDM-in 80 faizindən çoxu düşür.
Artıq dünyanın ən aparıcı şirkətləri Azərbaycana investisiyalar qoymaqda maraqlıdırlar. Çünki ölkədə kifayət qədər əlverişli investisiya mühiti yaradılmış və onun strukturunda daxili investisiyaların xüsusi çəkisi xeyli yüksəlmişdır.
Hazırda dövlət-biznes münasibətlərinin mütərəqqi əsaslarla qurulması, sahibkarlıq fəaliyyətinə davamlı dəstəyin göstərilməsi və vergi ödəyicilərinə təklif edilən müasir elektron xidmətlərinin səviyyəsinin artırılması əsas prioritetlərdən hesab olunur. 
Hökumət tərəfindən görülmüş tədbirlər öz növbəsində vergi daxilolmalarının artım tempinə müsbət təsir göstərmiş və bu tendensiya ötən ilin dövlət büdcəsində öz əksini tapmışdır.
2016-cı ilin dövlət büdcəsinin Vergilər Nazirliyi tərəfindən təmin edilməli daxilolmaları 7 milyard 10 milyon manat olmaqla, ümumi gəlirlərdə xüsusi çəkisi 2015-ci ilin proqnozu ilə müqayisədə  5,1 bənd artaraq 41,7 faiz təşkil etmişdir. Vergilər Nazirliyi xətti ilə 2016-cı il ərzində dövlət büdcəsinə 7 milyard 15 milyon manat vəsait toplanaraq proqnoza 100,1 faiz əməl edilməklə vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrası tam təmin edilmişdir.
Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 5,4 faiz azalması fonunda  bu sektor üzrə proqnoza 100,1 faiz əməl edilməklə, 5 milyard 405,5 milyon manat vəsait dövlət büdcəsinə səfərbər edilmişdir ki, bu da 2015-ci il ilə müqayisədə 377,2 milyon manat və ya 7,5 faiz çoxdur.
Əsas prioritet sahələrdən hesab edilən regionların sosial-iqtisadi inkişafı konsepsiyasının həyata keçirilməsinin uğurlu nəticəsi olaraq 2016-cı ildə regionlarda vergi daxilolmaları 600,8 milyon manat təşkil etməklə, proqnoza 102,4 faiz əməl edilərək 13,9 milyon manat əlavə vəsait yığılmışdır.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üçün 2016-cı ilə müəyyən edilmiş illik büdcə öhdəliyinə 126,6 faiz əməl olunmuş və 1 milyard 810 milyon manat büdcə proqnozu artıqlaması ilə faktiki olaraq 2 milyard 291,6 milyon manat həcmində yerinə yetirilmişdir.
Göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsi haqqında qanunun əsas mahiyyətini Azərbaycan iqtisadiyyatında son 13 ildə əldə edilmiş müsbət meyillərin qorunub saxlanılması təşkil edir.
Ötən ilin yekunları bir daha göstərir ki, dövlət büdcəsinin icrası rəqabətədavamlı iqtisadiyyatımızın formalaşmasına müsbət təsir göstərmiş, ölkəmizin davamlı inkişafı üçün əhəmiyyətli baza və xarici siyasət prioritetlərimizə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə əlverişli zəmin yaratmışdır.
Çıxışımın sonunda müzakirəmizə təqdim edilən 2016-cı ilin dövlət büdcəsinin icra vəziyyətini qənaətbəxş sayıram və dəyərli həmkarlarımı müvafiq qanun layihəsinin qəbul olunmasına səs verməyə dəvət edirəm.
Aytən Mustafazadə. Hörmətli Sədr, hörmətli deputatlar! Təhsil hüququ hər bir şəxsin bütün həyatı boyunca yararlana biləcəyi, bu hüquqa olan səlahiyyətlərini həyata keçirə biləcəyi subyektiv hüquqdur. Bu hüquq bütün şəxslər üçün eynidir və heç bir subyektin sosial mövqeyindən və sağlamlıq vəziyyətindən asılı olaraq məhdudlaşdırıla bilməz.
Bəzi kateqoriya şəxslərin sağlamlıq vəziyyəti və fiziki inkişaf xüsusiyyətləri bu səlahiyyətlərin həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Buna görə də belə insanların təhsil almaq səlahiyyətlərini təmin etmək üçün xüsusi qayğı və təminatlar lazımdır. Məhz bu səbəblər sağlamlıq imkanları məhdud şəxslərə xüsusi subyektlər kimi baxmağa əsas verir.
Xarici ölkələrdə saglamlıq imkanları məhdud şəxslərin təhsilinin tənzimlənməsinin tarixi inkişafı belə şəxslərin “ixtisaslaşmış” (təhsil sistemində onlar üçün xüsusi müəssisələrin yaradılması) təhsildən tədricən ümumi tipli (təyinatlı) təhsil müəssisəsinə inteqrasiyasını özündə əks etdirir. Bu proses Böyük Britaniya, Norveç, İsveç, Almaniyada daha çox inkişaf etmişdir. MDB ölkələrində bu proses çox ləng inkişaf edir.
İnsan hüquqları sahəsində hamılıqla qəbul edilmiş prinsip və normalar Azərbaycan Respublikasında da hər bir şəxsin, sadəcə, xüsusi təhsil müəssisələrində deyil, həm də ümumi təyinatlı təhsil müəssisələrində təhsil alma mexanizminin yaradılmasını tələb edir. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi prosesində həm Azərbaycan reallıqları, həm də xarici təcrübə nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyində sağlamlıq imkanları məhdud şəxslərlə bağlı vahid terminologiya və anlayışın olmaması bu sahədə sağlamlıq imkanları məhdud şəxslər üçün əlavə təminatlar kompleksinin yaradılmasında müəyyən qarışıqlıq yaradır.
Hər bir dövlətin xüsusi təhsil standartlarının möhkəmləndirilməsi ilə bağlı özünəməxsus xüsusiyyətləri var. Hazırda Avropa ölkələrində xüsusi təhsillə bağlı mövcud sistem xüsusi təhsilə ehtiyacı olan sağlamlıq imkanları məhdudiyyətli şəxslərin mümkün olan bütün vasitələrlə adi təhsil mühitinə uyğunlaşdırılmasını təmin etməyə istiqamətlənib. Azərbaycan da bu istiqaməti əsas götürməlidir.
Müasir dövrdə inkişaf etmiş xarici ölkələrin qanunvericilik orqanları üçün belə bir hal xarakterikdir ki, onlar xüsusi təhsilə dair qanunvericilik aktlarında “sağlamlıq imkanları məhdud olan şəxs” terminindən imtina edərək, onu “xüsusi təhsilə ehtiyacı olan şəxs” termini ilə əvəz etməyə üstünlük verirlər.
Saglamlıq imkanları məhdud şəxslərin təhsili məsələsinə xüsusi diqqət yetirilməlidir. Çünki saglamlıq imkanları məhdud şəxslərin təhsil problemi gələcəkdə məşğulluq probleminə, təhsil və məşğulluq problemi isə onların cəmiyyətə inteqrasiyasının zəifləməsi probleminə çevrilir. Belə ki, vaxtında yaxşı təhsil almayan saglamlıq imkanları məhdud şəxs gələcəkdə yaxşı iş tapa bilmir və cəmiyyətdən daha çox təcrid olunur.
“Saglamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”  Azərbaycan Respublikası Qanununun “Ümumi müddəalar” adlanan birinci fəslində həmin qanunla tənzimlənən ictimai münasibətlərin subyektlərinin (sağlamlıq imkanları məhdud şəxs, sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri, pedaqoji işçilər, dövlət və bələdiyyə müəssisələri və s.) ayrıca maddədə göstərilməsi əyanilik və konkretlik baxımından məqsədəmüvafiq olardı. Qanunda xüsusi təhsil almaq hüququ olan şəxslərin dairəsi konkret şəkildə göstərilə bilər.
Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə görə “Azərbaycan Respublikasının tərəfdar  çıxdığı  beynəlxalq   müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir”. Konstitusiyanın 151-ci maddəsinin tələbinə əsasən isə “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.
Təhlil edilən qanunun 2-ci maddəsinin Konstitusiyanın göstərilən müddəalarına uyğunlaşdırılması baxımından həmin maddəyə aşağıdakı məzmunda hissənin əlavə edilməsi məqsədəmüvafıq olardı: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.
Qanunun “Xüsusi təhsil sahəsində dövlətin vəzifələri” adlanan 4-cü maddəsində həmin vəzifələr sırasında aşağıdakıların da nəzərdə tutulması məqsədəmüvafıq olardı:
- xüsusi təhsilin keyfiyyətinə və xüsusi təhsil haqqında qanunvericiliyin həyata keçirilməsinə dövlət nəzarətinin təşkili;
- xüsusi təhsil sahəsində elmi-tədqiqat fəaliyyətinin təşkili.
Qanunun 12-ci maddəsinə aşağıdakı məzmunda hissə artırıla bilər: “Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxslərin inteqrasiyalı təlimi belə çatışmazlığı və (və ya) ləngimələri olmayan şəxslərin təliminin nəticələrinə mənfi təsir göstərməməlidir”.
Xüsusi təhsil müəssisəsinin yenidən təşkil və ya ləğvi qaydası və şərtlərinin ayrıca maddədə müəyyən edilməsi, Qanunun 17.2-ci maddəsində öz əksini tapan müddəanın (17.2. “Xüsusi təhsil müəssisəsi yenidən təşkil və ya ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanı təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların müvafiq xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir”) həmin maddənin strukturuna daxil edilməsi daha düzgün olardı.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 4.0.1-ci maddəsində sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi öz əksini tapmışdır. Lakin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əlilliyi olan şəxslərin ali təhsil müəssisələrində təhsil haqqını ödəməkdən azad edilməsi ilə bağlı konkret norma nəzərdə tutulmamışdır.
Qüvvədə olan qanunvericiliklə dövlət hesabına təhsil alma imtiyazı bütün əlillərə deyil, onların yalnız məhdud bir dairəsinə şamil olunur. Hesab edirik ki, tibbi-sosial ekspert komissiyasının qərarına əsasən ali təhsil müəssisəsinə qəbul oluna bilən bütün əlillər bu imtiyazdan yararlanmaq imkanına malik olmalıdır. Bu baxımdan hesab edirik ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq olardı: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, o cümlədən tibbi-sosial ekspert komissiyasının qərarına əsasən ali təhsil müəssisəsinə qəbul oluna bilən bütün əlillər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU