17.11.2017 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 49
Milli Məclisin iclas salonu.
17 noyabr 2017-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 99
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Fazil Mustafa, Azay Quliyev, Zahid Oruc, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Fərəc Quliyev, Qənirə Paşayeva, Siyavuş Novruzov, Novruzəli Aslanov, Zeynəb Xanlarova
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 96
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
5. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
6. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
7. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
10. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
11. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
12. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Elmira Axundova, Zahid Oruc, Fuad Muradov, Qənirə Paşayeva, Azay Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Elmira Axundova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
14. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
18. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
22. “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
23. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
24. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
25. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Çingiz Qənizadə, Vüsal Hüseynov, Bahar Muradova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
27. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
28. Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
29. Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Sahib Alıyev, Fuad Muradov, Bahar Muradova, Qənirə Paşayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 91
Nəticə: Qəbul edildi
30. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
17 noyabr 2017-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 99
Yetərsay 83
Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hamını salamlayıram. Gündəlikdə kifayət qədər maraqlı məqamlar var, hamısına da səs verəcəyik. Sadəcə, bir məsələni diqqətə çatdırmaq istəyirəm. Oktyabrın 24–26-da Şəkidə seçicilərlə görüş zamanı bir məqam diqqətimi çəkdi. Budəfəki görüşdə adi məişət məsələlərindən fərqli olaraq Şəkidə onun potensialından istifadə edərək təhsilin, səhiyyənin və elmin inkişafı istiqamətində bir sıra islahat xarakterli addımların atılmasını xahiş etdilər. Bu, açığı, məni çox sevindirdi. Artıq istəklərin, arzuların, müraciətlərin içərisində bu cür məqamlar üstünlük təşkil edir.
Mən, Oqtay müəllim, Sizin nəzərinizə bir məqamı da çatdırmaq istəyirəm ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialındakı görüş zamanı fürsətdən istifadə edərək Azərbaycan parlamentində görülən işlər barəsində 80 dəqiqəlik bir çıxış etdim. Açığını deyim, mənə elə gəlirdi ki, mövzu darıxdırıcı olacaq, amma diqqət çox yüksək səviyyədə oldu. Azərbaycan parlamentinin konstitusion hüquqları, vəzifələri, ümumiyyətlə, Azərbaycan parlamentində görülən işlər, hər il sessiyalarda plan üzrə görülən işlər, əsasən, sonda iqtisadi qanunvericiliyin səmərəliliyinin artırılması və müasir çağırışlara cavab verən səviyyədə dəyişikliklərin edilməsi, bir də deputatların qanunvericilik təşəbbüsü ilə bağlı məsələ barədə, hesab edirəm ki, kifayət qədər maraqlı bir çıxış oldu. Mənim təəccübümə səbəb o oldu ki, görüş gözlədiyimdən də yaxşı keçdi. Bu o deməkdir ki, parlamentin işi ilə maraqlanmaq səviyyəsi kifayət qədər yüksəkdir.
Bir də xahiş etdilər ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil bir universitet kimi fəaliyyət göstərməsi istiqamətində deputatlar səylərini artırsınlar. Əlaqədar təşkilatlara yəqin ki, bizim 3 deputat müraciət edər, amma Milli Məclisin bu yüksək tribunasında da bunu səsləndirməyi xahiş etdilər. Mən də o xahişi yerinə yetirirəm. Sizə də təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Cənab Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Mənim əməyimi qiymətləndirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Sizə, Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Birinci, bu gün Azərbaycanın milli bayramıdır, Milli Dirçəliş günüdür. 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə bütün deputat həmkarlarımı, Azərbaycan xalqını təbrik edirəm.
İkinci, bu gün bizim çox dəyərli ziyalımız, alimimiz akademik Əhliman Əmiraslanovun 70 illik yubileyidir. Mən Əhliman müəllimi, həqiqətən də, Azərbaycanın dəyərlərindən biri hesab edirəm. Onu yubiley münasibəti ilə həm öz adımdan, həm də deputat həmkarlarımın bir qismi adından təbrik edirəm.
Üçüncü, bildiyiniz kimi, Oqtay müəllim, bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi tamam olur. Ölkə Prezidenti çox vaxtında və yerində bu istiqamətdə sərəncam verdi. Həmin sərəncamda da cümhuriyyətin yubileyinin layiqli səviyyədə keçirilməsi üçün istiqamətlər göstərildi. Amma bir şeyi qeyd etmək istəyirəm ki, cümhuriyyətin yubileyinə artıq 6 ay qalır. Mən Gürcüstanın və Ermənistanın saytlarını izləyirəm. Onlarda görülən tədbirləri də izləyirəm. Bizimlə müqayisə edəndə baxıram ki, onlar cümhuriyyətin 100 illik ideyasına cəmiyyət olaraq bizdən daha həssas münasibət göstərirlər. Yəni bizdə dövlət başçısı öz həssas münasibətini göstərdi, amma cəmiyyət olaraq, qurumlar olaraq biz bu həssaslığı hələ ki, göstərə bilmirik. Məsələn, bizim parlamentin hansı işlərin görüləcəyi barədə mütləq qərarı olmalıdır. Çünki 6 ay qalır, bu müddətdə biz Gəncədəmi tədbir keçirəcəyik, başqa yerdəmi keçirəcəyik, bunlar bilinməlidir. Bu gün mənə elə gəlir ki, təxirə salınmadan bu məsələnin həlli vacibdir. Oqtay müəllim, mən bilirəm ki, Sizin cümhuriyyət ideyasına, cümhuriyyətin 100 illiyinə həqiqətən də çox duyarlı, həssas münasibətiniz var. Bunu qərarlarımızda göstərməyimiz vacibdir ki, ən azı cəmiyyət də görsün ki, parlament cümhuriyyətin 100 illiyinə ciddi hazırlıq mərhələsinə daxil olubdur.
Dördüncü, cümhuriyyətin yubileyi ilə bağlı bir vacib məsələyə də diqqət çəkmək istəyirəm. Bu cümhuriyyətin qurulmasında 2 böyük tarixi şəxsiyyətin müstəsna rolu var. Kimin nə deməsindən asılı olmayaraq mən bunu məsuliyyətlə deyirəm, siyasi cəhətdən bu cümhuriyyətin əsaslandırılması, onun atributlarının yaranması bilavasitə böyük Məmməd Əmin Rəsulzadəyə məxsus bir ideyadır. Onun sayəsində bu cümhuriyyət 2 il ayaqda durub. Digəri isə Nuru Paşadır. O da cümhuriyyəti hərbi cəhətdən xilas edib. Biz deputat həmkarım Qüdrət Həsənquliyevlə onun abidəsinin qoyulması istiqamətində Baş nazirə müraciət etdik. Hələ də konkret cavab ala bilmirik. Rəsulzadənin Novxanıdakı ata evi isə mən bildiyim qədər uşaq bağçası kimi fəaliyyət göstərir. Biz vaxtı çatanda yəqin deyəcəyik ki, cümhuriyyətin 100 illiyini qeyd etdik. Amma bu 2 tarixi şəxsiyyətlə bağlı nə etdik? Məncə, bu suala hələ ki, cavab verməyə hazır deyilik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Siz cənab Prezidentin sərəncamını qeyd etdiniz. Milli Məclis o sərəncamdan dərhal sonra öz işlərinə başlayıb. 6 ay qabaq deyil, 1 il qabaq başlayıb. Çünki bu həm cümhuriyyətin, həm də parlamentin 100 illiyi ilə əlaqədar məsələdir. İşlər gedir. Vaxtı gələndə də nəticəsini görəcəyik. Azay Quliyev buyursun.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətl həmkarlar! Mən bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, noyabrın 24-də Şərq Tərəfdaşlığı ölkələrinin 5-ci sammiti keçiriləcək. Cənab Prezidentin həmin sammitdə iştirakı gözlənilir. Bu sammit ərəfəsində yenə bir qrup qeyri-hökumət təşkilatı fəallaşıb və Azərbaycanla Avropa İttifaqının bu gün həyata keçirdikləri birgə əməkdaşlıq prosesinə zərbə vurmaq üçün müəyyən müraciətlər qəbul etmək istəyirlər. Bilirsiniz ki, hər dəfə Azərbaycanla Avropa İttifaqı, Avropa institutları arasında hər hansı mühüm bir məsələ müzakirə olunanda, hər hansı bir sazişin imzalanması ərəfəsində bu cür şəbəkələr fəallıq göstərirlər. Biz bu gün həmin qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq, onların tərkibinə nəzər yetirsək, görərik ki, həmin təşkilatlar qərəzlidir və bəlli qüvvələr tərəfindən istiqamətləndirilirlər. Bu gün həmin qüvvələr kimlərdir? Həmin qüvvələr bu gün Azərbaycanla Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında” Sazişin imzalanmasını istəməyənlərdir. Bu gün Azərbaycanın maraqlarının Avropada təmsil olunmasına və təqdim olunmasına mane olanlardır. Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin çəkilməsindən narazı olanlardır.
Həmin təşkilatlar arasında “PİN” adlı bir təşkilat da var ki, həmin təşkilat 1990-cı illərdəki münaqişənin qızğın vaxtında Azərbaycan əsirlərinin daxili orqanlarının, üzr istəyirəm, satılması ilə məşğul olurdu. Həmin təşkilatlar indi gəlib müraciət edirlər, Azərbaycana təzyiq edilməsini tələb edirlər. Bu təşkilatlar arasında “Soros”un da maliyyələşdirdiyi təşkilatlar az deyil. O “Soros” ki, biz təxminən 7–8 il öncə qanunsuz və qeyri-konstruktiv fəaliyyətinə görə onu Azərbaycandan çıxartdıq. 2 ay bundan öncə Avstriya eyni addımı atdı. Avstriyanın xarici işlər naziri və hazırkı hakim partiyasının rəhbəri Sebastyan Kurç bəyanat verdi ki, 28 günə “Soros” təşkilatı Avstriyanı tərk etməlidir. Bəyan etdi ki, “Soros” təşkilatı Avstriyada olan ictimai-siyas qurumları ələ almağa və siyasi partiyaları idarə etməyə cəhd göstərir. Eyni addımı bir neçə il bundan öncə Macarıstanın baş naziri də atmışdı. Həmin ölkələrə heç bir irad bildirilmədi. Amma Azərbaycan bu addımı atanda, yəqin, xatırlayırsınız, 7–8 il bundan öncə Avropa İttifaqı ilə Azərbaycanın arasını vurmaq istəyən beynəlxalq qeyri-hökumət təşkilatları nə qədər irad bildirdilər. Mən bu məsələni ona görə qaldırıram ki, əziz həmkarlar, belə bir həssas məqamda Azərbaycana qarşı aparılan bu kampaniya, təəssüflər olsun ki, bu gün də davam etdirilir. Ancaq bütün bunlara baxmayaraq, mən əminəm ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər bundan sonra da dərinləşəcək və biz qarşımızda duran hədəflərə çatacağıq və həmin müqaviləni də imzalayacağıq.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bilirsiniz ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ölkəyə, o cümlədən Rusiyaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında Putinlə aralarında olan son görüşdə Dağlıq Qarabağ məsələsinə də yer verdiyini bəyan etdi. Bu bizim üçün çox əhəmiyyətli və nəticəsindən asılı olmayaraq önəmlidir. Çünki 5 rayonun taleyi ilə bağlı BMT-də çıxarılmış qərarın Putin qarşısında xatırladılması, qardaş bir ölkənin dilindən ifadə olunması son dərəcə vacibdir. Hesab edirəm ki, bu ilk növbədə Prezident İlham Əliyev və Ərdoğan arasında koordinasiya olunan, razılaşdırılan vahid bir xarici siyasətdir. Çox önəmlidir ki, artıq uzun illərdir, Türkiyə Qarabağ məsələsini özünün xarici siyasətində çox önəmli bir yerə qoyub. Mən bu məsələni həm də ona görə vurğulayıram ki, Rusiya və Türkiyə arasında bu regionla bağlı müəyyən bir tarix var və o tarix ən azı Naxçıvanın həyatında özünü Qars müqaviləsi ilə önəmli bir şəkildə ifadə edib. Mən bunu bir də ona görə xatırladıram ki, bu ötən illər ərzində ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ məsələsinin çözümü tapılmayıb və əminəm ki, bundan sonra da tapılması çətin olacaq və hətta qeyri-mümkün olacaq. Kimsə dünyada Amerika və Rusiyanın yaxın 10 illər ərzində ayrı-ayrı regionlarda münaqişə apararaq gəlib Qarabağ məsələsində anlaşma tapacağını bizim cəmiyyətə inandıra bilməz. Bu, qeyri-real məsələdir. Faktiki olaraq bu 2 dövlət Qarabağ probleminin tərəflərinə çevriliblər, az qala onun davanı aparan tərəflərinə çevriliblər, amma Rusiya və Türkiyə Qars müqaviləsində bölgə üçün çox önəmli bir təhlükəsizlik modeli yarada biliblər. Qarabağ üçün də elə bir Qars müqaviləsinə çox böyük ehtiyac var və Türkiyə ilə Rusiya orada önəmli rol oynaya bilərlər. Hesab edirəm ki, Qarabağda yaşayan bütün əhalinin təhlükəsizliyi 2 dövlətin verə biləcəyi qarantiyalar vasitəsi ilə müşahidə oluna bilər.
Yeri gəlmişkən, Ərdoğanın Bakıya son səfərində Naxçıvanla bağlı məsələ müzakirə olundu. Orada 43 adda məhsulun gömrük rüsumlarından, yəni 150 milyon dollar civarında vəsaitdən azad olunması Naxçıvanın təkcə iqtisadiyyatına, sosial həyatına qoyulan investisiya deyil, onun təhlükəsizliyini və siyasi mövqeyini gücləndirən bir amildir. Qarabağ danışıqlarının getdiyi bir mərhələdə bu mövqeni dilə gətirməyi özümə vacib sayıram. Hesab edirəm ki, Türkiyə bu mövqedə fəal bir oyunçu olduqca, Cənubi Qafqaz proseslərində fəal rol oynadıqca, həm Azərbaycanın mövqeyin gücləndirir və həm də Rusiya artıq Türkiyənin rolunu qəbul etmiş kimi görünür. Ən azı rolunu, mən hələ mövqeyindən danışmıram. Ona görə də hesab edirəm ki, bu danışıqlarda Türkiyənin fəal...
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Cənab Sədr, 2 gün bundan əvvəl mən Füzuli rayonunun Alxanlı kəndinə səfər etdim. Həmin kənddə bu il iyun ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin işğal edilmiş zonalardan açdıqları atəşlə yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsi qətlə yetirilmişdi. Hadisə Azərbaycan cəmiyyətində böyük əks-səda doğurmuşdu. Mənim kəndə səfərimdə məqsəd həmin hadisə ilə bağlı Azərbaycan dövlətinin, ictimaiyyətinin, xaricdə yaşayanların bu məsələyə münasibəti ilə bağlı materiallardan ibarət olan kitabın birbaşa orada təqdimatını keçirməkdən ibarət idi. Bu təqdimatda kənd ziyalıları, eyni zamanda, körpə Zəhra Quliyevanın valideynləri də iştirak etdilər. Həmin kitabın təqdimatı Zəhra Quliyevanın öldürüldüyü yerin yaxınlığında keçirildi. Mən deyim ki, həmin kənd cəbhə xəttinə bitişikdir və kənddən, daha doğrusu, həmin evdən baxdıqda erməni işğalçı qüvvələrinin döyüş postları birbaşa görünür.
Mən imkandan istifadə edib Füzulinin digər cəbhəyanı kəndlərində də oldum. Mənə təsir edən həmin kəndlərdə yaşayan insanların qorxmazlığı, mətinliyi, torpağa bağlılığı, cənab Prezidentə inamı oldu. Azərbaycan dövlətini müdafiə etmələri oldu. Heç kəs cəbhə xəttindən qaçmaq, buradan köçmək fikrində deyil, evlər tikirlər, təsərrüfatda çalışırlar, Azərbaycan dövlətinə inanırlar. Ordu ilə cəbhə xəttində yaşayanların və eləcə də cəbhə rayonları əhalisinin çox sıx bağlılığı var. Mən bunu bir həftə bundan əvvəl Tərtər rayonunun Qapanlı kəndində olanda da gördüm. Hər iki kənddə bildirdilər ki, vaxtaşırı kəndlər atəşə tutulur. Amma bununla belə, cəbhə zonasında yaşayan insanlar öz dövlətlərinə hədsiz dərəcədə bağlıdırlar. Bu bizdə bir qürur hissi doğurdu. Biz gördük ki, əhalimiz dövlətinə inanır, cənab Prezidentimizin siyasətini dəstəkləyir və gücümüz də bundadır. Bizim işğalda olan torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımızın gücü məhz həmin sadiq insanlardadır. Eyni zamanda, Alxanlı kəndində olanda mən kənd camaatına bizim həmkarımız hörmətli Bahar xanım Muradovaya dəstək verdiklərinə və seçdiklərinə görə də öz təşəkkürümü bildirdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı buyursun.
M.İbrahimqızı. Oqtay müəllim, şərait yaratdığınıza görə çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım! Mən də bayaq məndən öncə çıxış edən Azay müəllimin çıxışının davamı kimi qeyd etmək istəyirəm ki, həqiqətən də, son vaxtlar Avropanın bir sıra beynəlxalq strukturları, təşkilatları, qeyri-hökumət təşkilatları Azərbaycana qarşı qərəzli hücuma keçiblər. Bir neçə gün bundan qabaq, Yeni Azərbaycan Partiyasının 25 illiyində də möhtərəm Prezidentimiz qeyd etdi. Artıq ikili standartlardan riyakar standartlara keçiblər. 1–2 gün bundan öncə Avropa Parlamentinin hazırladığı hesabatda Azərbaycanın işğal olunmuş torpaqları haqqında qeyd olunan fəsillərdə Azərbaycanla bağlı hədsiz dərəcədə qərəzli məsələlər öz əksini tapıb. Halbuki Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın təcavüzə məruz qalması, 1 milyon qaçqın olması ilə bağlı 4 qətnamə qəbul etmişdi və bu sənədlərin heç birində zərrə qədər də güzəşt yox idi, yəni burada Azərbaycanın işğala məruz qalması, Ermənistanın işğalçı ordusunun qeyd-şərtsiz torpaqlarımızdan çıxması və 1 milyon qaçqının yurd-yuvalarına qayıtması öz əksini tapmışdı.
Nə baş verdi? Bir neçə ildən sonra Azərbaycanın işğal olunan torpaqları azad olundumu? Qaçqınlarımız qayıtdımı? Xeyr. Amma sentyabrda Avropa Parlamentinin Birləşmiş Millətlər Təşkilatına göndərdiyi və eləcə də ayın 15-də qəbul etdiy sənəd bir daha göstərir ki, Avropa Parlamenti müstəqil qurum deyil. Eləcə də bir sıra beynəlxalq təşkilatlar Ermənistanın, erməni lobbisinin təzyiqi və maliyyəsi vasitəsilə artıq öz mövqelərini gizlədə bilmirlər. Bu yaxınlarda həbs olunmuş Kataloniyanın rəhbərliyinə qarşı Avropa komissiyasının bildirdiyi kimi, onlar siyasi məhbus deyil, cinayətkardırlar. Amma Azərbaycanda cinayət törətmiş insanlara siyasi məhbus adı verilməsi bir daha həm Azərbaycana qarşı qərəzli mövqeyi və həm də “Şərq Tərəfdaşlığı” Sammitində bizim dövlətimizə, dövlət rəhbərimizə qarşı olan təzyiqi göstərən konkret bir faktdır.
Oqtay müəllim, mən Sizdən xahiş edirəm, bəlkə Avronestdək parlament nümayəndə heyətimiz adından Avropa Parlamentinə etiraz əlaməti olaraq bir müraciət hazırlayaq. Sizdən bunu xahiş edirəm. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, mən də sizi Milli Dirçəliş günü münasibəti ilə təbrik edirəm. Bu bizim şərəf tariximizdir. 30 il əvvəl Azərbaycan xalqı ilin ən mübariz xalqı adlandırılmışdı. Ortaya qoyulan nəticə Azərbaycan xalqının qoyduğu nəticədir. Bundan sonrakı dönəmlərdə çox ağır illər yaşadıq və heç kim inkar edə bilməz ki, müstəqilliyin qorunması müstəqilliyin qazanılması qədər, bəlkə ondan daha çətin bir məsələdir. O müstəqilliyin qorunmasında, bu dövlətin qurulmasında rəhmətlik Heydər Əliyevin müstəsna rolu olub. Ondan başqa kimsə ölkəni o vəziyyətdən çıxara bilməzdi. Bundan sonrakı dönəmdə hörmətli Prezidentimiz İlham Əliyevin dirçəlişlə bağlı atdığı çox balanslı, tarazlı, ehtiyatlı addımlar onu həm də fədakar bir şəxsiyyət kimi göstərdi. Bu dirçəliş davamlı olaraq millətin töhfəsi kimi ötürülərək gedir.
Mən hesab edirəm ki, hər dönəmdə o liderlərin xüsusi xidmətləri qeyd olunmalıdır, göstərilməlidir. Nə yaxşı ki, Azərbaycan cəmiyyətində dövlətə bağlı milli demokratik düşüncə daşıyan bütün partiyalar arasında konsolidasiya vardır və vətənçilik mövqeyindən hamı bir-birinə hörmətlə yanaşır. Artıq kimin və hansı təşkilatın nə deməsinə deyil, hansı fikrin və əməlin ortaya qoyulmasına qiymət verilir. Burada müxalifət ilə iqtidar partiyası arasında vətənçilik baxımından yaxşı əməkdaşlıq vardır.
Yeri gəlmişkən, mən həm də Yeni Azərbaycan Partiyasını 25 illik yubiley münasibətilə təbrik edirəm və hesab edirəm ki, bu konsolidasiyanın davam eləməsi, bizim tariximizə normal qiymət verilməsi üçün 1988-ci il Milli azadlıq hərəkatında öndə olmuş insanlarımıza normal qiymət verilməlidir. Mən hesab edirəm ki, eks-prezident rəhmətlik Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi üçün də müəyyən addımlar atıla bilər. O dönəmin yaxşı qeyd olunması üçün gələn il tədbirlər seriyası hazırlana bilər. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev çox modern, kinsiz, məsələlərə ailə başçısı kimi baxan şəxsiyyət olduğunu həmişə sübut edib. Cümhuriyyət tarixinə müəyyən qədər əyri baxanlara dərs olaraq cümhuriyyət tarixi ilə bağlı sərəncamların verilməsi, tədbirlərin görülməsi buna sübutdur. İnanıram ki, Milli Məclis tərəfindən 30 illiklə bağlı müəyyən addımlar atılacaq. Bir daha qeyd edirəm ki, Milli azadlıq hərəkatında müstəsna xidməti olan, o hərəkatı aparan, həyata keçirən insanların abidəsinin qoyulması və yaxud xatirəsinin əbədiləşdirilməsi kimi müəyyən tədbirlərin görülməsi də vacibdir. Çıxışımın sonunda mən də həmkarımız Əhliman müəllimi ürəkdən təbrik edirəm, hamınıza da təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media mənsubları! Mən də bugünkü Milli Dirçəliş günü münasibəti ilə hər kəsi təbrik edirəm. Eyn zamanda, çox hörmətl alimimiz, Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanovu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və uğurlu fəaliyyətin uzun illər davam etdirməsini diləyirəm.
Cənab Sədr, bir xahişlə bağlı məsələ qaldıracağam. Bəzi milli qəhrəman və şəhidlərimizin ailə üzvləri gəlmişdilər və onlar xahiş elədilər ki, qanunvericilikdə bir məsələyə təkrar nəzər salınsın. Belə ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə hər zaman milli qəhrəmanlara, onların ailələrinə böyük qayğı göstərilib. Bu qəhrəmanların bir çoxunun xatirəsi əbədiləşdirilib, büstləri qoyulub. Amma bəzi bölgələrdə bu büstlər qoyulmayıb və bunu əsas gətiriblər ki, 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunda belə gedir ki, bunun üçün iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olması gərəkdir. Amma bundan öncə, 1992-ci ildə qəbul olunan “Azərbaycanın Milli Qəhrəmanı adı haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda isə yazılır: “Azərbaycanın Milli Qəhrəmanı adı eyni şəxsə bir dəfə verilir”. Eyni şəxsə bir dəfə verilirsə, qanunvericiliklə ikinci dəfə bu ad verilə bilməz. Ona görə bu məsələdə düzəliş eləmək lazımdır. Milli qəhrəman adı almaq qanunla mümkündürsə, bu adı almış insanların büstlərinin qoyulması həllini tapmalıdır ki, rayonlarımız arasında müəyyən fikir ayrılığı olmasın. Bəzi rayonlar bunu edir, bəzi rayonlar isə qanunvericilikdə iki dəfə yazılıb, bu təzad düzəlsin, ondan sonra baxarıq deyirlər.
İkinci, bizim 8 kəşfiyyatçımızın ailəsi gəlmişdi. Ümummilli liderimiz Heydər Əliyev onların hamısını “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdi. Bu o kəşfiyyatçılar idilər ki, tapşırığı yerinə yetirəndən sonra düşmən əlinə düşməmək üçün özlərini partlatmışdılar və onların, sadəcə, biri sağ qalmışdı, 7-si qəhrəmancasına şəhid olmuşdu. Ümummilli liderimiz də onların hamısını “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdi. Amma qanunvericilikdə meydan, təşkilat, müəssisə, hərbi və mülki gəmilərə adların verilməsində ən azı iki ordenin olması lazımdır. “Azərbaycan Bayrağı” ordeni statusuna görə bizim ali ordenlərimizin içərisindədir. Rayonlarda çoxlu sayda adsız küçələr var. Bu insanlar da istəyirlər ki, övladlarının adı yaşasın...
Sədrlik edən. Oldu, sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Milli Dirçəliş günü hər bir millətin tarixində xüsusi hadisədir. Azərbaycan xalqı da öz dirçəlişi yolunda xeyli mübarizə aparıb. Mən Fərəc müəllimin burada dediyi fikirlərlə razıyam ki, müstəqilliyin əldə olunması bir başqa şeydir, onun qorunub saxlanılması tamam başqa şeydir, onun inkişafı daha başqa şeydir. Biz şahidiyik ki, Azərbaycanın dövlət müstəqilliyi, onun qorunması, möhkəmlənməsi və inkişafı ümummilli liderlə bağlıdır. Hətta Naxçıvan Muxtar Respublikasında olarkən heç bir vəzifə daşımayanda da Azərbaycan cümhuriyyətinin üçrəngli bayrağını Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qaldırdı və bunu Azərbaycan parlamentinə də tövsiyə elədi. “Sovet Sosialist” sözlərinin çıxarılmasına, milli ordunun quruculuğuna ilk olaraq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin rəhbərliyi altında başlandı və bundan sonra bu proseslər davam etdi. Hesab edirəm ki, hər bir halda biz haqqı olan bu insanların atdıqları addımları qiymətləndirməli və xüsusilə burada ümummilli liderin müstəqil Azərbaycanın qorunub saxlanılması və bugünkü vəziyyətə gəlib çıxmasındakı müstəsna xidmətlərini qeyd etməliyik.
Fazil müəllimin qaldırdığı məsələ ilə bağlı. Mən də razıyam ki, cənab Prezident, bundan öncə ümummilli liderimiz mütəmadi olaraq demokratik cümhuriyyət, Azərbaycanın ilk müstəqil dövləti ilə bağlı həmişə qərarlar, fərmanlar verib. Keçirilən tədbirlərin şahidiyik, 100 illiklə bağlı da cənab Prezidentin sərəncamı geniş və əhatəli şəkildə öz əksini tapıb. Əfsuslar olsun ki, bu sərəncamın yerinə yetirilməsi ilə əlaqədar maneçilik törətmək, qıcıq yaratmaq üçün bəzi siyasi partiyalar özlərini ortaya atırlar. Bu, Azərbaycan xalqının tarixidir və Azərbaycana məxsusdur. Kimsə adını götürüb həmin dövrdə olan partiyanın adı ilə hallandırırsa, bu, o partiya deyil, Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan, Azərbaycan xalqının tarixinə aid olan bir partiyadır. Bugünkü Müsavatla o Müsavat tamamilə başqa şeylərdir. O vaxt onlara etibarnamə veriblər ki, bunu idarə edəsiniz? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır. Ona görə də burada qarışıqlıq salıb ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm və həmkarlarımdan da xahiş edirəm ki, bu məsələyə ciddi yanaşsınlar. Sonda da Əhliman müəllimi təbrik edirəm.
Sədrlik edən. Çox sağ olun, qəbul edildi. Novruzəli Aslanov.
N.Aslanov. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Sədr, mən bizim cəmiyyətdə insanlarımızı narahat eləyən bir məsələ ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Son zamanlar ürək-damar xəstəliyi ilə bağlı çox insan əziyyət çəkir. Bir-birimizə sual versək, görəcəyik ki, çoxlarımız qan təzyiqindən əziyyət çəkirik. Bu proses o səviyyəyə gəlib çatıb ki, artıq insanlar dünyasını dəyişərkən səbəbini soruşanda, təbii olaraq, ürək-damar xəstəliklərini misal gətirirlər. Bizim ölkəmizdə nə yaxşı ki, çox gözəl tibbi müəssisələr tikilir, qurulur, güclü mütəxəssislərimiz var. Fürsətdən istifadə edib bütün həkimlərimizə minnətdarlıq eləmək istəyirəm.
Amma mənə elə gəlir ki, bu məsələni araşdırmaq lazımdır. Üç istiqamət var. Alimlər deyirlər ki, günəşdə baş verən partlayışlar nəticəsində maqnit qasırğası əmələ gəlir və ürək-damar sisteminə pis təsir edir. İkinci münasibət ondan ibarətdir ki, mobil telefonlar təsir edir. Üçüncü istiqamət. 5 il bundan öncə mən bu tribunadan çıxış etmişdim ki, enerji içkilərinin yeniyetmələrə, uşaqlara satılması qadağan olunmalıdır. Keçən iclaslarda hörmətli Musa Quliyev də bu məsələni qaldırmışdı. Hesab edirəm ki, bu içkilərin də ürək-damar sisteminə çox böyük təsiri var.
Mən fürsətdən istifadə edib belə bir təkliflə çıxış etmək istəyirəm ki, Səhiyyə Nazirliyi xüsusi komissiya yaratsın, ekspertlər şurası yığışsın, bu məsələni araşdırsınlar, görsünlər ki, nə baş verir. Əgər lazım olsa, hesab edirəm, müvafiq dövlət proqramının qəbul olunması məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zeynəb Xanlarova.
Z.Xanlarova. Ataların bir sözü var. Dinsəm, öldürərlər, dinməsəm, ölləm. Mən dinməyə bilmərəm. Mən mədəniyyətimizə böyük töhfələr verən, gözəl rollarda oynayan, filmlərdə çəkilən Rasim Balayev haqqında danışmaq istəyirəm. Danışmaya bilmərəm. Hamı bilir, hamı oxuyur, hamının ürəyi yanır ki, Babəki, Nəsimini yaradan bir sənətkar xəstədir. Bu gözəl aktyora həkim iki dərman yazıb, onun birini almağa pulu çatmır. Mən üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, onlar bu işlərə niyə baxmırlar? Bu adam xəstədir, canını öz sənəti uğrunda qoyub. Niyə buna əncam çəkmirlər? Mən yenə üzümü tuturam Səhiyyə Nazirliyinə, millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm, onun müalicəsi ilə məşğul olsunlar. Aldığı pul nədir ki, bunu da dərmanlara versin. O qədər dərman var, deyir, birinə pulum çatır. Mən xahiş edirəm, Oqtay müəllim, Siz də, biz də, hamımız bu əsərləri yaradan böyük sənətkarımıza kömək olaq. Budur mənim sözüm.
Sədrlik edən. Oldu, sağ olun, maraqlanarıq, görək, nə məsələdir. Hörmətli millət vəkilləri, gündəliyə keçirik. Gündəliyin birinci on məsələsi Vergi Məcəlləsinə dəyişikliklə əlaqədar olaraq müxtəlif qanunlara edilən dəyişikliklərdir. Etiraz eləmirsinizsə, Ziyad Səmədzadə bir-bir deyər, ayrılıqda səsə qoyarıq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən ilk olaraq böyük alimimiz, ictimai xadimimiz, dünya səhiyyəsinin inkişafında kifayət qədər xidmətləri olan Əhliman müəllimi ürəkdən təbrik edirəm və deyilən təbriklərə qoşuluram.
Hörmətli Oqtay müəllim, Siz artıq qeyd etdiniz, gündəlikdə olan 1–10-cu məsələlər məhz həmin dəyişikliklərin tətbiqi ilə əlaqədar hazırlanmışdır. Gündəlikdə olan birinci məsələ Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqındadır. Bildirmək istərdim ki, məcəllənin 59.3-cü maddəsinə görə əgər vergi ödəyicisindən vergi məbləği artıq tutulmuşdursa və ödəyici artıq tutulmuş məbləğin qaytarılması barədə vergi orqanlarına 45 gün ərzində məlumat veribsə, o halda hər gecikdirilmiş gün üçün vergi ödəyicisinə 0,1 faiz məbləğində faiz ödənməlidir. Lakin məcəllənin 179.1-ci və 179.2-ci maddələrinə görə əlavə dəyər vergisi ilə bağlı artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması üçün nəzərdə tutulmuş müddət vergi ödəyicisinin xeyrinə olaraq 45 gündən 20 günədək azaldılmışdır. Qeyd olunanları nəzərə alaraq 59.3-cü maddənin ikinci hissəsində müəyyən olunmuş qaytarılma müddətinin məcəllənin 179.1-ci və 179.2-ci maddələrində göstərilən hallara şamil olunmaması ilə bağlı redaktə xarakterli düzəliş təklif olunur. Bu dəyişiklik 59.3-cü və 179-cu maddələr arasında uyğunluğun təmin edilməsinə yönəldilmişdir.
“Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara təklif olunan dəyişikliklər isə Vergi Məcəlləsinə 2016-cı ildə əlavə edilmiş maliyyə institutları tərəfindən məlumatların verilməsi adlanan 76.1-ci maddənin icrası ilə bağlıdır. 76.1-ci maddəyə görə maliyyə institutları vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hədlərdə və qaydada Vergilər Nazirliyi vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətl orqanlarına təqdim etməlidirlər.
Məlumat üçün bildirmək istərdim ki, ölkəmiz vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan iki-tərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulmuşdur. Bu müqavilələr üzrə öhdəliklərin çevik və səmərəli icrasını təmin etmək üçün xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin maliyyə əməliyyatları barədə məlumatlarının öz ölkələrinin səlahiyyətli orqanlarına təqdim edilməsi üzrə vasitəçi orqan kimi Vergilər Nazirliyi müəyyən edilmişdir. Qeyd olunan qanunlara təklif olunan dəyişikliklər də məhz Verg Məcəlləsinin müvafiq maddəsindən irəli gəlir və onların fəaliyyətini tənzimləyən qanunlar vasitəsilə sığortaçıların, bankların, bank olmayan kredit təşkilatlarının, investisiya fondlarının və digər maliyyə institutlarının üzərinə bir vəzifə olaraq qoyulur ki, Vergi Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları Vergilər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etsinlər.
Nəhayət, redaktə xarakterli düzəliş edilərək “Kommersiya sirri haqqında” Qanunda “kommersiya” sözü “vergi” sözü ilə, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də “vergi və kommersiya sirri” sözləri “vergi, kommersiya və bank sirri” sözləri ilə əvəz edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu düzəlişlərə səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, məsələləri bir-bir səsə qoyaq. Gündəliyin birinci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsinə xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin dördüncü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin beşinci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin altıncı məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin yeddinci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin səkkizinci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin doqquzuncu məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, bu qəbildən olan sonuncu, onuncu məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, on birinci məsələ “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Ödənişli avtomobil yolları” adlanan II fəsil əlavə edilmiş və ödənişli avtomobil yolları ilə bağlı məsələlər – ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsi, ödənişli avtomobil yollarının yaradılması barədə qərarların qəbul edilməsi, ödənişli avtomobil yollarından istifadə olunması, ödənişli avtomobil yollarından ödənişli əsaslarla istifadə olunmasına xitam verilməsi və ya dayandırılması və digər məsələlər bu qanunla tənzimlənmişdir.
Hazırda təklif olunan dəyişikliklərə əsasən ödənişli avtomobil yolları istənilən yerli və respublika əhəmiyyətli avtomobil yollarında deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda yaradıla biləcəkdir. Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və ya xitam verilməsi qaydası və halları qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 12-ci məsələ “Reklam haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Adı çəkilən qanun layihəsi qanunvericiliyin təkmilləşdirilməsi, açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, habelə açıq məkanda reklam yerləşdirilməs və reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə hazırlanmışdır. Məlum olduğu kimi, ölkə Prezidentinin 2017-ci il 20 iyun tarixli 1472 saylı fərmanı ilə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı, hazırlanması və yayımlanması sahəsində vahid tənzimlənməni və nəzarəti təmin etmək məqsədi ilə Dövlət Reklam Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin fəaliyyətini tənzimləyən zəruri sənədlərin hazırlanması, əsasən, başa çatmışdır. Eyni zamanda, “Reklam haqqında” Qanunda da bir sıra əməli xarakterli düzəlişlərin edilməsinə zərurət yaranmışdır. Dövlət Reklam Agentliyinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsini nəzərə alaraq açıq məkanda reklam yayımına görə bu quruma haqq ödəniləcəkdir. Bu haqqın məbləği və müəyyən edilməsi qaydası qanun qüvvəyə mindikdən sonra müvafiq qaydada təsdiq ediləcəkdir.
Digər vacib məsələ təcrübədə çox rast gəlinən məlumat lövhəsinin reklam olub-olmaması ilə bağlı məsələlərə aydınlıq gətirilməsindən ibarətdir. Belə ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, sayı birdən, ümumi ölçüsü iki kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri (tikinti işlərinə başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində sifarişçi tərəfindən yerləşdirilən məlumat lövhəsi) reklam daşıyıcıları və reklam hesab edilməyəcəkdir. Bununla da hansı məlumat lövhələrinin reklam olub-olmaması ilə bağlı təcrübədə geniş rast gəlinən qeyri-müəyyənliklər aradan qaldırılacaqdır. Ona görə də millət vəkillərindən bu dəyişikliklərə də münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Buyursun Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! “Reklam haqqında” Qanuna edilən dəyişikliklər, xüsusən də açıq məkanda yerləşdirilən reklam məsələsi, məncə, çox aktualdır. Bu nöqteyi-nəzərdən belə növ reklamların yayımına görə haqqın ödənilmə qaydasının və məbləğ məsələlərinin tənzimlənməsi müsbət haldır. Mən bu dəyişiklikləri dəstəkləyirəm.
Açıq məkanda yerləşən reklamla əlaqədar mən başqa bir vacib məsələyə də toxunmaq istərdim. Baxmayaraq ki, bizim ölkəmiz Ermənistan–Azərbaycan münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır, biz yenə də hər an torpaqlarımızı hərbi yolla qaytarmağa hazır olmalıyıq. Cənab Prezidentimiz öz çıxışlarında bunu daim vurğulamaqdadır. Bu mənada sosial reklamlara, xüsusən açıq məkanda yerləşən plakatlara, banerlərə böyük ehtiyacımız vardır. Lakin bu istiqamətdə vəziyyət deyərdim ki, acınacaqlıdır. Yəni Bakının küçələrində, regionlarımızın avtomagistral yollarında böyük reklam banerlərinə rast gəlirik, amma təəssüflər olsun ki, bunlar ya şou ulduzlarının reklamıdır, ya da ərzaq və digər məhsulların təbliğ olunmasıdır. Halbuki bu banerlərdə mütləq ordu ilə, şəhidlərimizlə, qəhrəmanlarımızla bağlı mövzular mühüm yer tutmalıdır.
Bu günlərdə möhtəşəm bir layihə ilə tanış oldum. Xalq rəssamı professor Arif Hüseynovun rəhbərliyi altında gənc plakatçı rəssamlar hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş 100-dən çox plakat hazırlamışdılar. İnanın mənə, bu çox təsirli incəsənət əsərləridir və onların hamısının Bakının küçə və meydanlarında, magistral yollarda yerləşdirilməsi məqsədəuyğun olardı. Böyük Vətən müharibəsi illərində məhz belə plakatlar, məsələn, məşhur “Ana vətən çağırır” plakatı əhalinin ruhlanmasında, faşistlərə qarşı mübarizənin ümumxalq səviyyəsinə qaldırılmasında mühüm rol oynamışdı. Bizdə də belə əyani təbliğat vasitələrinə çox böyük tələbat var. Biz döyüşən respublikayıq. Həm əhalimiz, həm də ölkəmizə gələn xarici qonaqlar bunu hiss etməlidirlər, lakin bunu heç kim hiss etmir. Ona görə təklif edərdim ki, Ziyad müəllim, “Reklam haqqında” Qanuna da müvafiq dəyişikliklər edilsin. Hərbi vətənpərvərlik mövzusuna aid banerlər reklam sayılmasın. Bu tip baner və plakatlar da məlumatlandırıcı lövhələr kimi, yəni indiki düzəliş kimi reklam hesab edilməsin. Belə olan halda hərbi mövzuda olan plakatlar daha geniş yayılacaq.
Ümumiyyətlə isə sosial reklam məsələsi, baxmayaraq ki, biz müvafiq qanuna bu barədə dəyişikliklər etmişik, yenə də çox zəifdir və ümumi reklam məkanında azlıq təşkil edir. Məncə, hərbi vətənpərvərlik mövzusuna görə reklam yayıcılarından vəsait tələb edilməsə, bu istiqamətdə vəziyyət daha da yaxşılaşar. Çox xahiş edirəm ki, bunu nəzərə alasınız. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən çox qısa şəkildə hörmətli həmkarım Elmira xanımın səsləndirdiyi fikirləri müdafiə edərək özümün də bir neçə tezisimi buraya qatmaq istəyirəm. Əvvəla, bu dəyişiklik qəbul olunandır, biz ona səs verəcəyik. Amma sosial reklam, onların ödənişli olmaması və müvafiq icra hakimiyyətlərinin bunu nəzərə alması ilə bağlı biz qanunvericilikdə əlavə dəyişiklik etməliyik. Həqiqətən də bizim bir qədər sovet cəmiyyətindən çıxmağımız bəlkə də bir çoxlarımıza mane olur. Elə bilirik ki, ancaq ideoloji cəmiyyətlərdə belə şüarçılıq vardır və yol qırağındakı lövhələr bir nəsil yetişdirir. Xeyr, məncə, bu, dünyanın hər yerində geniş yayılmış bir ənənədir. O cümlədən kimin nə etməsindən asılı olmayaraq bizim bu informasiya əsrində vətəndaşların, xüsusilə də gənclərin, yeni böyüyən nəslin həddindən artıq böyük informasiya axınlarına məruz qaldığı bir dönəmdə tədqiqatlar aparılaraq təsdiq edilib ki, insanın yol yaddaşı, göz yaddaşı çox yüksəkdir. O, gördüyünü illərlə yadda saxlayır və müharibə aparan bir ölkə üçün belə şüarların olmaması, həqiqətən də, yerinə düşmür. Mən iddia etmirəm ki, yalnız bununla vətənpərvər olmaq olar. Ancaq bunun da ermənilərə qarşı çağırışda, torpaqla bağlı çağırışda öz təsiri, öz yeri var.
3 gün öncə Rusiya Müdafiə Nazirliyi təxminən 30-a qədər bu cür baner və şiti qəbul edərək geniş bir ictimai müzakirədən keçirdi və qəbul etdi. Bunların böyük əksəriyyəti müasir informasiya-kommunikasiya sistemləri ilə bağlıdır, yəni mobil telefonlarla ehtiyatlı olun, sizi çəkən qüvvə var, yəni danışığınızda bu amilləri nəzərə alın. Hamı da gördü ki, onlar bunu XXI əsrin reallıqlarına çox ustalıqla uyğunlaşdırdılar. Mən anlayıram, onlar hərbi şüarlardır və qapalı məkanlardadırlar, amma açıq məkanlar üçün də bunlara çox ciddi ehtiyac var. Hesab edirəm ki, belə reklam və lövhələrin öz çağırış gücü, təsir gücü var. Ona görə də bu layihəyə səs verməklə, eyni zamanda, müvafiq komitə tərəfindən bizim təkliflərimizin də nəzərə alınmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də öz növbəmdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi ilə bağlı öz dəstəyimi göstərir və bildirmək istəyirəm ki, bu qurum yeni yaradılıb. Hər birimiz bu quruma uğurlar arzu edirik. Təbii ki, bu qanundan əvvəl də reklama görə ödənişlər var idi. Sadəcə olaraq, açıq məkanla bağlı çox ciddi məsələlər də var idi. Burada mənim həmkarlarım bu məsələlərə toxundular. Əslində, Qarabağ məsələsi, vətənpərvərlik istiqamətləri ilə bağlı biz bir neçə dəfə burada məsələ qaldırmışıq. Xüsusən də cəbhə bölgəsində, cəbhə bölgəsinə yaxın olan regionlarda “Xocalını unutma”, “Xocalıya ədalət kampaniyası” keçirilir, aprel döyüşlərinin şəhidləri ilə bağlı da istər dövlət qurumları, istər biznes qurumları, istərsə də ictimai təşkilatlar tədbirlər keçirirlər. Yəni daha çox imkan yaradılmalıdır ki, sosial yönümlü, əslində isə vətənlə, dövlətlə bağlı məsələlər çox geniş şəkildə təbliğ olunsun. Bir neçə rayonda görürük ki, bunları həyata keçiriblər. Böyük yolların qırağında banerlər qoyulub. Orada bu məsələlər öz əksini tapıb.
Eyni zamanda, televiziya ilə bağlı. İndi ola bilsin, bu, bugün danışdığımız mövzuya aid deyil. Amma bu da “Reklam haqqında” Qanunun içində gedir. Yəni bir neçə televiziya kanalında müəyyən verilişlər həyata keçirilir. Ümumiyyətlə isə sosial reklamla bağlı, insanlara vətənpərvərlik ruhunun aşılanması ilə bağlı bizim aprel döyüşlərində şücaət göstərən qəhrəman övladlarımızın hər biri böyük bir filmdir, böyük bir hadisədir. Bununla bağlı televiziyalara dövlət büdcəsindən maliyyə ayırırıq. Yəni bu, elə də böyük bir maliyyə deyil ki, həmin televiziyalar bunu həyata keçirə bilməsinlər. Ona görə mən düşünürəm ki, bu, ən vacib məsələlərdən biridir.
Bu gün ermənilər hər bir istiqamətdə istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Bayaq burada mənim həmkarlarım dedilər. Aprel döyüşləri ilə bağlı onların xüsusi bir nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmağa çalışırlar. Təbii ki, onların cavabı verilir. Amma biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, Azərbaycan cəmiyyətinin gücünü, cənab Prezidentin siyasi iradəsini göstərdi. Mən düşünürəm ki, televiziyalar bu məsələyə çox böyük diqqət ayırmalıdırlar. İnanıram ki, yeni yaradılan qurum da bu məsələlərə çox böyük önəm verəcək. Biz görürük ki, misal üçün, yeni tikilən binaların ətrafında müəyyən reklamlar yerləşdirilir. Həmin o reklamların yanında müəyyən vətənpərvərlik şüarları, o döyüşlərlə bağlı məlumatlar da ola bilər. Gənc nəsil böyüyür. Bu gənc nəsil mütləq şəkildə bilməlidir ki, bizim aprel döyüşləri qəhrəmanlarımız var, bizim Dağlıq Qarabağ məsələmiz var, bizim 100 illərlə davam edən torpaqlara təcavüz məsələləri var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır, qara rənglərlə yox. Açığı, bu bizim tariximizin şanlı vərəqləridir və təbii ki, bu çox yaxşı hal olardı. Bu məsələni mən də dəstəkləyirəm və inanıram ki, gələcəkdə biz bir də bu məsələyə baxmalıyıq, yəni qanunda bizim qəhrəmanlarla bağlı müəyyən məcburi istiqamətlər də qoyaq. Buna reklam demək olmaz, bu, əslində, bizim həyat tərzimizə çevrilməlidir. Təşəkkür edirəm, mən də qanun layihəsini dəstəkləyəcəyəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz bu dəyişiklikləri dəstəkləyəcəyik. Mən, Oqtay müəllim, bir məsələni qaldırmaq istəyirəm. Sizin məsləhətinizlə komitədə “Reklam haqqında” Qanunun bəzi məsələlərinə yenidən baxılmasına ehtiyac var. Burada vətənpərvərlikdən bəhs edən sosial roliklərlə bağlı həmkarlarım söylədilər. Məsələn, səhiyyə ilə bağlı tədbirlərə gedirik, sosial roliklər var, əhalinin maarifləndirilməsi üçün çox gözəldir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirlərə gedirik, çox önəmli rolikləri var, bir 100–200 adam ona baxır. Amma 1 dəfə, ya 2 dəfə. İstər yol təhlükəsizliyi ilə bağlı, istər təhsillə bağlı, istərsə də ailə ənənələri ilə bağlı bu roliklər niyə televiziyada görünmür, niyə yollarda görünmür? Sosial roliklərin televiziyada pulsuz verilməsi ilə bağlı bizim imkanımız yoxdur. Ona görə də bəlkə “Reklam haqqında” Qanuna müəyyən mənada təzədən baxıb, sosial rolik və reklamlara pulsuz yer ayrılması məsələsini həll edək. Bu məsələ ilə bağlı öhdəliklərin qoyulmasına ehtiyac var. Çünki cəmiyyətin maarifləndirilməsində sosial reklam və roliklərə həddindən artıq ehtiyac var. Amma çox təəssüf ki, onlar yerləşdirilə bilmir, cəmiyyətimiz onları nə televiziya ekranlarında, nə də küçələrdə görə bilir. Ona görə mənə elə gəlir ki, sosial roliklərlə bağlı müvafiq qurumların üzərinə öhdəliklərin düşməsi vacibdir. Bunun üçün yaxın gələcəkdə müəyyən dəyişikliklər edilməlidir. Biz buna baxsaq, çox əhəmiyyətli və cəmiyyətimiz üçün də müsbət bir qazanc ola bilər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu qanunun hazırlanmasında Vahid müəllimin də iştirakı olub. Danışmağa imkan vermədim. Amma “Reklam haqqında” Qanunda reklam çarxları barədə böyük bir bölüm verilib. Diqqətlə baxın, görəcəksiniz. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mənim, açığı, çıxış etmək fikrim yox idi. Amma həmkarlarım reklamla bağlı məsələyə toxundular və hesab edirəm ki, haqlı toxundular. Çünki hazırlanan reklam çarxları – istər sosial xarakterli, istərsə də hərbi vətənpərvərliklə bağlı çarxlar bu gün lazımi səviyyədə işıqlandırılmır. Onun səbəbləri fərqlidir. Birinci səbəb odur ki, bəzən bu çarxlar kifayət qədər keyfiyyətli olmur. Yəni televiziyanın standartlarına uyğun deyil.
İkincisi isə bəzən televiziyaların bu məsələdə marağı olmur. Mən sizə deyim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq, hörmətli cənab Sədr, biz hər il onlarla bu cür layihəyə dəstək veririk. Çalışırıq ki, bu layihələr reallaşsın. Amma hərdən görürsən ki, bunlar lazımi səviyyədə icra olunmur. Ona görə təklif edərdim ki, televiziya qurumları ilə qeyri-hökumət təşkilatları öncədən bu məsələni müzakirə etsinlər və televiziyaların bilavasitə iştirakı ilə həmin çarxlar hazırlansın. Sonra həmin televiziyalar müxtəlif məzmunlu bu çarxları rahat bir şəkildə öz ekranlarında yayımlasınlar. Biz dəstək verməyə hazırıq. Bunun həlli yolu budur. Dəfələrlə danışırıq, amma başa düşməliyik ki, keyfiyyətli hazırlanacağı, öncədən televiziya qurumları ilə razılaşdırılacağı təqdirdə məhsullar gedib ünvanına çıxa bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Amma öz məsuliyyətinizi qırağa qoymayın. Pulu verən sizsiniz. Baxmalısınız ki, nə rolikdir, çəkən kimdir, nə çəkəcək. Onlarla vermisən, görürsən, xeyri yoxdur. Bundan sonra ikisini ver, amma xeyri olsun. Əgər başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 13–15-ci məsələlər bir paketlə gəlib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələridir. Buyursun Əli Hüseynli. Bir yerdə deyin, sonra ayrılıqda səsə qoyarıq.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bu məsələlər üzvi surətdə bir-biri ilə bağlı olduğu üçün birgə məlumat verəcəyəm.
Hörmətli həmkarlar, cənab Prezident hələ 2016-cı ildə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xaric borclanması qaydasını təsdiq etmişdi. Həmin qaydaya görə əgər payların (səhmlərin) 51 və daha çox faiz dövlətdədirsə, onda bütün digər subyektlər, yəni kommersiya, hüquqi şəxslər və sair, yaxud da ki, publik hüquqi şəxslər borcalma zamanı müvafiq prosedurlara riayət etmək şərti ilə bunları Maliyyə Nazirliyi ilə razılaşdırmalıdırlar. Çünki payın çoxu dövlətdədir və dövlətlə razılaşdırmaq lazımdır. İndi təqdim olunan bu 3 layihə məhz bu məsələnin həllinə yönəlir. Əgər bu pozuntu cinayət hadisəsi kimi qeydə alınırsa, onda cinayət məsuliyyəti yaranır və buna görə həm cərimə formasında, həm də maksimum dörd ilə qədər azadlıqdan məhrumetmə formasında məsuliyyət nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə görə əgər bu, sadəcə, qaydanı pozmaqdırsa, artıq cinayət deyil, inzibati xətadır. Ona görə də İnzibati Xətalar Məcəlləsindəki sanksiyalar nəzərdə tutulur. Cinayət-Prosessual Məcəlləsi isə adı çəkilən Cinayət Məcəlləsi ilə bağlı aidiyyəti məsələni həll edir. Yəni hər 3 məsələ bir-biri ilə üzvi surətdə bağlıdır. Məqsəd isə cənab Prezident tərəfindən təsdiq olunmuş qaydaların təcrübi təsdiqi zamanı pozuntuların qarşısının alınmasıdır. Odur ki, səs verməyinizi xahiş edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavin Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklər hüquqi şəxsləri daxili və xarici borcalma zamanı müvafiq prosedurlara riayət etməyə vadar edəcək və maliyyə risklərini azaldacaq. Bu mənada 195-2.1-ci maddəni mən müsbət dəyərləndirirəm. Lakin orada nəzərdə tutulan cəza müddəti ilə razı deyiləm. Yəni daxili və xarici borcalma qaydalarını pozma nəticəsində hüquqi şəxslər dövlətə xeyli dərəcədə ziyan vurduqda onlara cərimələrlə yanaşı, cəmi iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilir. Məncə, bu çox az müddətdir.
Məsələn, fərdi cinayətlərə, oğurluğa, dələduzluğa görə insanlarımız 5, 8, bəzən 10 il müddətinə azadlıqdan məhrum edilirlər. Halbuki oğurluq və dələduzluq nəticəsində bir və ya bir neçə adam zərər çəkir. Amma yuxarıda adı çəkilən cinayət növü nəticəsində bütöv bir dövlət, yəni bütün millətimiz ziyan çəkir. Ona görə də mənə elə gəlir ki, bu cür cinayətlərə görə cəza tədbiri daha sərt olmalıdır. Necə ki, keçən il Beynəlxalq Bank rəhbərliyinə kifayət qədər ciddi, lakin məntiqli cəzalar verilmişdi. Başa düşürəm ki, bizim Cinayət Məcəlləsi liberallaşmaya doğru gedir. Biz bu yaxınlarda bu istiqamətdə müvafiq dəyişiklikləri etmişik. Lakin məncə, ediləcək cinayətin dövlət üçün təhlükə dərəcəsi və onun cəzası bir-birinə uyğun gəlmir. Xahiş edirəm, bunu nəzərə alasınız və izah edəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Elmira xanım, bu təklifinizi nəzərə ala bilməyəcəyik. Ona görə ki, Sizin dediyiniz məsələlər, yəni mənimsəmə cinayətləri ağır cinayətlərdir. İndi təklif olunan məsələ isə dövlət əmlakını və yaxud da mülkiyyəti mənimsəməklə bağlı deyil. Sadəcə, qaydanı pozma nəticəsində olan bir hadisədir. Az ağır cinayətlər kateqoriyasına daxildir və o kateqoriyadan olan cinayətlərə görə buradakı sanksiya kifayət qədər ciddidir. Yəni bu halla mənimsəmə cinayətləri arasında böyük bir fərq var. Bu dəyişikliyin cəza siyasətinin humanistləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Çox sağ olun.
Sədrlik edən. Tamamilə doğrudur, Əli müəllim. Çox sağ olun. Başqa çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Əli müəllim, hamısını səsə qoyuruq da?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Cinayət Məcəlləsində dəyişikliklərlə bağlı 13-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti, 14-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
15-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti, 16, 17, 18-ci məsələlər də bir məktubla daxil olub. Elə deyilmi, Əli müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, bu 3 məsələni də birgə təqdim etməyimizin səbəbi var. Hər 3 qanun layihəsinə edilən dəyişikliyin mənası eynidir, çox vacib və mütərəqq bir düzəlişdir. Təklif olunur ki, daşınmaz əmlakın dövlət reyestri ölkəmizdə mövcud olan “Elektron hökumət” portalına inteqrasiya olunsun. Belə olan halda istənilən vətəndaş bu elektron portal vasitəsi ilə real vaxt rejimində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışı əsasında daşınmaz əmlak üzərində sərəncam vermək hüququ əldə edəcək.
Eyni düzəliş aidiyyəti olaraq həm “Notariat haqqında” Qanunda, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda öz əksini tapır. 3 məsələdir və Ziyafət müəllim, çox təqdirəlayiq haldır ki, əsas qanundakı düzəlişi də digər qanunlardakı düzəlişlə birgə həyata keçiririk və bunlar bir paket şəklində təqdim olunur. Qanun qüvvəyə mindiyi andan artıq mexanizm işləməyə başlayacaq. Hər bir vətəndaş burada göstərilən hallarda “Elektron hökumət” portalı vasitəsi ilə artıq real vaxt rejimində bu informasiyanı əldə edə biləcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Buyurun, xahiş edirəm, 16-cı məsələyə – Mülki Məcəlləyə dəyişikliklərlə bağlı qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətl həmkarlar, bilirsiniz ki, İnzibati Xətalar Məcəlləsində “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” maddəsi var. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci və 538-ci maddələri də aidiyyəti üzrə bu kateqoriyaya aid edilsin. Bunun da səbəbi məlumdur. Bu, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması məsələsidir. Bu məsələ müvafiq icra hakimiyyəti orqanları ilə əlaqəlidir. Məhz buna görə də bu hallarda prokuror nəzarətinin olması təqdirəlayiqdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 2 məsələ, 20 və 21-ci məsələlər eyni məktubla daxil olub. Əli müəllim, buyurun, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə məlumat verin.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bu 2 məsələ və sonrakı 3 məsələ, əslində, dövlət proqramının icrası ilə bağlıdır. Ona görə, icazə versəniz, bir yerdə məruzə edərdim.
Sədrlik edən. Qalan 3 məsələ də bir məktubla daxil olub? 5 məsələ alınır da onda?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətl həmkarlar, məsələ burasındadır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” mövcuddur. O proqramın icrası müxtəlif sahələr üzrə həyata keçirilir. Bu sahələrdən biri də qanunvericiliklə bağlıdır. Bu proqramın tətbiqi ilə bağlı həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində dəyişiklik təklif olunur. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, narkotik vasitələrin hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması, satılmasına görə cinayət məsuliyyəti olsa da, hazırda az miqdar üçün heç bir məsuliyyət yoxdur. Məhz buna görə də təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinə yeni 206-1-ci maddə əlavə olunsun. Sanksiya da burada cərimə sanksiyasıdır. Eyni zamanda, qeyd etdiyim kimi, bizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların xeyli və külli miqdarda göstərilməsi ilə bağlı xüsus siyahı var. Biz artıq İnzibati Xətalar Məcəlləsində dəyişiklik etdiyimizə görə o siyahıya da əlavə etmiş oluruq. Eyni zamanda, qanunla təsdiq olunmuş digər bir siyahı, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin külli miqdarını göstərən siyahı var. Yəni 2 siyahıya edilən düzəliş bizim Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə etdiyimiz əlavə maddə ilə bağlıdır. Mahiyyəti isə bir daha vurğulayıram, 2013–2018-ci illər üçün Dövlət Proqramının icrası ilə bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Cinayət Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin 22-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
23-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, bu məktuba daxil olan sonuncu məsələyə, 24-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu dəyişikliklər Azərbaycanın əməkdaşlıq etdiyi Avropa Şurasının QREQO təşkilatının təklifi ilə verilmişdir. Bu təklif “Prokurorluq haqqında” Qanunun müvafiq maddəsinin, yəni 43-cü maddəsinin adının dəyişdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, bu, tamamilə düzgün təklifdir. Çünki 43-cü və 44-cü maddələrdə söhbət prokurorluq orqanı üzərində dövlət başçısının və parlamentin nəzarətindən gedir. Adından da belə çıxır ki, o nəzarət edir, amma əslində, maddəni oxuyanda görürsünüz ki, söhbət prokurorun məlumat verməsindən gedir. Yəni mövcud variantda söhbət məlumatlandırmadan gedir. Təbii ki, istintaq edilən cinayət işçiləri istisna olmaqla, çünki istintaq sirri var, o barədə məlumat verilə bilməz. Əlbəttə, bizim Konstitusiyaya görə hakimiyyətin bölünməsi prinsipi var, prokurorluq məhkəmə hakimiyyətinə aiddir. Bu baxımdan o, eyni zamanda, parlament qarşısında da məlumat verir, biz bunu görürük. Təbii ki, hakimiyyət orqanlarının qarşılıqlı əlaqəsi var, yəni qarşılıqlı əməkdaşlıq var. Amma heç bir halda bu bir hakimiyyətin digər hakimiyyət üzərində nəzarəti kimi olmamalıdır. Bu baxımdan hesab edirəm ki, “Prokurorluq haqqında” Qanunun 43-cü və 44-cü maddələrində “nəzarət” sözü düzgün olaraq “məlumatlandırma” sözü ilə əvəz olunur. Həmkarlarımdan səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə bağlı həmkarlarımız çıxış etmək istəyirlər. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, mən də bu qanunun 43-cü və 44-cü maddələrinin dispozisiyasının maddələrin adları ilə uyğun olmadığı fikrindəyəm. Hesab edirəm ki, burada məlumat xarakterli məsələdən söhbət gedirsə, başlıqda da bu dəyişiklik olmalıdır, yəni bu dəyişikliklə bağlı bir iradım yoxdur. Amma burada çox hörmətli Əli müəllim qeyd etdi ki, bunu Avropa qurumlarının tövsiyəsi ilə edirik, amma mən sizə bir tövsiyəni də xatırlatmaq istəyirəm. Bunu Bahar xanım daha yaxşı bilər, uzun illərdir ATƏT-in Parlament Assambleyasında təmsil olunur. ATƏT-in Parlament Assambleyasının qətnaməsi var, həmin qətnamədə göstərilir ki, ATƏT üzvü olan ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik orqanları üzərində nəzarət mexanizmi olmalıdır. Bu məsələni biz də dəfələrlə qaldırmışıq. Mən hesab edirəm, bu, prokurorluq, məhkəmə orqanları sisteminə aiddir, təbii ki, məhkəmə müstəqil dövlət hakimiyyətidir, onun işinə hər hansı bir şəkildə müdaxilə etmək olmaz. Amma əməkdaşlıq çərçivəsində məlumatların verilməsi məsələsi anlaşılandır. Biz təhlükəsizlik və müdafiə orqanları ilə bağlı mütləq parlament nəzarəti institutunu formalaşdırmalıyıq. Bu niyə vacibdir?
Son illərdə təhlükəsizlik orqanlarında baş verən hadisələr nəyi göstərdi? Burada bizim də günahımız var. Günahımız ondan ibarətdir ki, heç bir nəzarət mexanizmi olmadığına görə biz orada baş verən prosesləri heç komitə iclaslarında da gündəmə gətirə bilmirdik. Biz bilirdik ki, sahibkarları çağırıb hansısa tələblər qoyurlar, hansısa işgəncələr verirlər, onları hansısa əziyyətlərə düçar edirlər. Ancaq heç nə edə bilmirdik. Bunlar artıq məhkəmə proseslərində açıldı. Cinayətkar bir şəbəkənin törətdiyi əməllər bütün dövlətin təhlükəsizlik sistemini kifayət qədər ciddi şəkildə sarsıtdı. Belə bir vəziyyətdə parlamentin bu işə kənardan seyirçi kimi qalmasının heç bir məntiqi izahı yoxdur. Həmin Avropa qurumlarının daha mötəbərinin tövsiyəsi var. Azərbaycan ATƏT-in Parlament Assambleyasında təmsil olunan yeganə Avropa ölkəsidir ki, belə bir nəzarət mexanizmi yoxdur. Yaxınlarda məlum oldu ki, müdafiə sistemimizdə də cəsus şəbəkəsi var imiş və o da artıq ifşa olundu. Yəni müsbət hallarla yanaşı, neqativ proseslər də baş verdi. Yenə də biz ancaq dedi-qodu ilə, mətbuatdan, kimdənsə eşitməklə anlayırıq ki, nələr isə baş verib, kimlər isə cəzalandırılıb. Bu gün də heç kimə sirr deyil ki, Avropa məkanında da kimlərinsə hüquqi, qeyri-hüquqi cəzalandırılması ilə bağlı məsələlər bədxahlar tərəfindən, ölkəmizi sevməyən insanlar tərəfindən gündəmə gətirilir.
Amma bir reallıq var ki, bir nəzarət olanda, ən azı parlamentdə bu məsələlər vaxtında qaldırılanda neqativ halların baş verməsi mümkün olmur. Ona görə də mən çox təkidlə xahiş edirəm, Ziyafət müəllim, məsələ üzərində düşünmək lazımdır. Parlament ölkənin yad orqanı deyil, ölkə Prezidentinin burada çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyası var, ölkə Prezidentinin siyasətini dəstəkləyən insanlar var. Ümummilli məsələlərdə müxalifət nümayəndələri olaraq biz də ölkənin xarici siyasət kursunu dəstəkləyirik. Qarabağ məsələsində, ümummili məsələlərdə dəstəyimizi veririk. Təbii ki, daxili siyasətdə müəyyən məsələləri, nöqsanları da tənqid edirik. Amma demək istədiyim odur ki, bu bir yad orqan deyil, mütləq müdafiə və təhlükəsizlik orqanları üzərində parlament nəzarəti mexanizmi qurulmalıdır. Hər şeyi açıq iclasda aparmayaq, başa düşdüm, amma müvafiq komitələrimiz var, heç olmasa, qapalı iclaslarda orduda, təhlükəsizlik qurumlarında baş verən hər hansı bir neqativ hadisəyə parlamentin münasibəti formalaşmalıdır. Onun nəticəsi olmayanda bugünkü reallıqlar ortaya çıxır və sonradan, 3 il, 4 il keçəndən sonra biz də təəssüflə qeyd edirik ki, bəli, cinayətlər olubdur, bizim isə bundan xəbərimiz olmayıb. Halbuki çoxumuzun qeyri-rəsmi şəkildə xəbərimiz var idi. Bu baxımdan məsələyə diqqət yönəlməsini vacib sayıram. Bu layihəni isə dəstəkləyəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Məclis iştirakçıları! Əlbəttə, 43-cü və 44-cü maddələrin adlarının dəyişdirilməsini mən də dəstəkləyirəm. Amma burada həm də 44-cü maddəyə bir əlavə edilir ki, Prezidentə istintaq edilən cinayət işləri istisna olmaqla məlumat verilir. Biz, əslində, təcrübədə görmüşük ki, cənab Prezidentin özü bu və ya digər ictimai rezonans doğurmuş cinayətlər haqqında, həmin istintaqın gedişatı haqqında Baş prokuroru dəvət edərək ondan məlumat alır. Yəni bu tamamilə doğrudur, belə də olmalıdır. Lakin biz burada yazmalıyıq ki, istintaq edilən cinayət işləri istisna olmaqla deyil, istintaq sirləri istisna olmaqla, istintaq olunan cinayət işləri barədə də məlumat verilməlidir.
Bu yaxınlarda, məsələn, elə dünən biz gördük ki, Amerika konqresində Amerikanın baş prokuroru təhlükəsizlik məsələləri üzrə komitədə Rusiyanın Amerikanın seçki sisteminə müdaxiləsi ilə əlaqədar olaraq dindirilirdi. Yəni bu, bütün dünya təcrübəsində var. Əlbəttə, istintaq sirləri istisna olmaqla. Amma biz burada yazmışıq ki, istintaq edilən cinayət işləri istisna olmaqla. Deməli, hansısa bir qətl hadisəsi və ya terror hadisəsi baş verib, biz gözləməliyik ki, prokurorluq istintaqı yekunlaşdırsın, ondan sonra bizə o iş haqqında məlumat versin, hesab edirəm, bu, kökündən yanlışdır. Biz burada mütləq yazmalıyıq ki, istintaq sirləri istisna olmaqla bütün digər məsələlər barədə Prezidentə və Milli Məclisə məlumat verilməlidir.
Ziyafət müəllim, özünüz də gözəl bilirsiniz ki, Milli Məclis kollegial orqandır. Milli Məclisə məlumat verir o deməkdir ki, prokurorluğun bir nümayəndəsi gəlməlidir, Milli Məclisin plenar iclasında çıxış etməlidir. Necə ki, insan alveri ilə bağlı hər il daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov gəlir, burada məlumat verir. Yəni ya Baş prokurorun özü, ya da müavinlərindən kimsə gəlib, heç olmasa, ildə bir dəfə Milli Məclisə istintaq olunan cinayət işləri haqqında, ümumiyyətlə, istintaqı artıq başa çatmış cinayət işləri barədə məlumat verməlidir. Onun üçün də qanunun özündə, məncə, yazılmalıdır ki, ildə bir dəfədən gec olmayaraq Milli Məclisə məlumat verir, yəni söhbət plenar iclasda məlumat verməkdən gedir. Burada indi belə ola bilər, məlumat verir, ola bilsin ki, Sədrə bir məktub göndərirlər. Amma onu tək Sədr bilir, axı Milli Məclis 125 deputatdan ibarətdir və biz bilmirik, prokurorluq Milli Məclisə hansı məlumatı verib. Burada deputatların da sualları ola bilər. Mən indi daha geniş danışmıram. Fazil bəy, hesab edirəm ki, bəzi məsələlər haqqında kifayət qədər danışdı. Qanunverici orqanın səlahiyyətlərinin genişləndirilməsi, yaxud öz səlahiyyətlərindən tam mənada istifadəsi dövlətçiliyimizin möhkəmlənməsinə, ictimai asayişin qorunmasına, bir çox neqativ halların öncədən qarşısının alınmasına xidmət etmiş olar. Mən də ona görə həm 43-cü, həm də 44-cü maddəyə o düzəlişin edilməsini təklif edirəm. Yəni orada “istintaq edilən cinayət işlərinin” əvəzinə “istintaq sirləri istisna olmaqla” sözləri əlavə edilsin. Bir də qeyd olunsun ki, ildə bir dəfədən gec olmayaraq məlumat verilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də təklif olunan layihəyə səs verəcəyəm və qeyd etmək istəyirəm ki, kifayət qədər düzgün nəzərdə tutulan bir layihədir. Çünki hesabatlılığın olması başqa şeydir, məlumatın verilməsi isə tamam başqa şeydir. Bu, hakimiyyət qollarının hər birinin öz səlahiyyətlərini yerinə yetirməsi və birinin digərinin səlahiyyətinə qarışmaması ilə bağlı olan bir məsələdir. Amma ümumilikdə şəffaflığı təmin etmək üçün, məlumatlandırılma üçün vacib olan amillərdən biridir ki, istənilən bir məsələ haqqında prokurorluq orqanları Milli Məclis qarşısında məlumat verirlər. Milli Məclisin istənilən deputatı da bununla bağlı öz fikirlərini, rəylərini söyləyə, həmçinin də suallarla müraciət edə bilər.
Digər bir tərəfdən nəzər salsaq, burada həmkarlarım da qeyd etdilər, bizim Konstitusiyada da göstərilib ki, hökumət parlament qarşısında hesabatlıdır. Yəni Nazirlər Kabineti parlament qarşısında hesabat verir. Biz hökumətin fəaliyyətinə birbaşa nəzarət mexanizmini həyata keçiririk, lakin digər bizim bir qanunumuz da var ki, güc strukturları hökumətə daxil deyil. Onlar birbaşa cənab Prezidentin səlahiyyətinə daxil olan strukturlardır və Ali Baş Komandan qarşısında hesabat verirlər. O baxımdan da mən belə hesab edirəm, onlar hesabatlarını cənab Prezidentə, yəni hakimiyyətin digər bir qoluna çatdırdıqları üçün məsləhət biləndə onların hesabatını qəbul edir, məsləhət bilməyəndə, hesabat düzgün olmayanda tutduqları vəzifədən azad edir və yaxud da digər qərarlar qəbul edir. Bununla bağlı indiki zamanda mən hesab edirəm ki, bu məlumatların o qədər geniş şəkildə olmasına da ehtiyac yoxdur. Burada Milli Məclisin səlahiyyətlərinin məhdudlaşdırılmasından, yaxud azaldılmasından söhbət getmir. Azərbaycan Respublikasının Konstitusiyasında Milli Məclisin kifayət qədər səlahiyyəti göstərilibdir və buna uyğun şəkildə də Milli Məclis öz fəaliyyətini davam etdirir.
İndi təsəvvür edin, Müdafiə Nazirliyi ümumi vəziyyət barəsində parlamentdə hesabat verir, onun rezonansı necə olacaq? Hərə onu bildiyi şəkildə mətbuatda işıqlandıracaq və yekun olaraq müxtəlif ziddiyyətli məlumatlar yayılacaq. O baxımdan mən hesab edirəm ki, indiki vaxtda, yəni bizim müharibə şəraitində olduğumuz dövrdə bu lazım deyil. İndi televiziyada reklamlar gedir, əsgərlərə də göstəriş verilir ki, zəng edəndə silah haqqında, ordunun hansı mövqedə yerləşdiyi haqqında ailə üzvlərinə məlumat verməsinlər. Yəni bu, təhlükəsizliyin hərtərəfli təmin olunması üçündür.
Dünyada terror baş alıb gedir. Terrora qarşı mübarizə Azərbaycanda çox yüksək şəkildə qurulubdur. Azərbaycanın güc strukturları bununla əlaqədar lazımi işlər görür və lazımi addımlar atılır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürur. O baxımdan mən hesab edirəm ki, bu prosesi biz davam etdirməli və daha da gücləndirməliyik. O cümlədən prokurorluq orqanlarında da çox ciddi işlər gedir, islahatlar aparılır. Korrupsiyaya qarşı mübarizə gedir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yaranması ilə əlaqədar olaraq bir çox məsələlər açılmağa başladı. Ayrı-ayrı insanların müraciəti əsasında məlum oldu ki, dövlət strukturlarında, qeyri-dövlət strukturlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında bəzi insanlar antiazərbaycan mövqeli ayrı-ayrı kəşfiyyat orqanlarından vəsait alıb Azərbaycanda ictimai-siyasi sabitliyi qarışdırmaq istəyirlər. Bu qüvvələrə qarşı işlər gedir və bu işlər davam etdirilməlidir.
Bu gün Azərbaycanın qəbul edərək apardığı həm iqtisadi, həm də beynəlxalq siyasəti gözü götürməyən dövlətlər var, məlumdur. Onlar müxtəlif vasitələrlə təsir göstərmək istəyirlər. Mən hesab edirəm, biz qanunlarımızı elə istiqamətdə qurmalıyıq ki, onların bu təsir mexanizmi həyata keçə bilməsin. O baxımdan da hər bir məsələ hüquqi bazada tənzimlənməlidir. Avropa strukturları ilə bağlı bəzi məsələləri hərdən biz çaşdırırıq, hörmətli Ziyafət müəllim. Siz Konstitusiya hüququ üzrə mütəxəssissiniz, bilirsiniz. Parlament tipli dövlət başqadır, prezidentli dövlət başqadır. Parlament tipli dövlətdə, bəli, bütün hökumət və güc strukturları ilə bağlı məsələlər parlamentin səlahiyyətlərinə daxildir, parlamentdə təsdiq olunur, parlament qarşısında hesabat verilir. Prezidentli respublikada bunlar tamamilə başqadır. Elə götürək qardaş Türkiyəni. Parlament tipli respublika özünü doğrultmadı, uzun müddətdən sonra artıq vəziyyəti dəyişdilər, Konstitusiyada dəyişiklik etdilər və prezidentli respublika üsuli-idarəsinə keçdilər. Bizdə isə bu məsələ ibtidaidən qoyulubdur. Bələdiyyələrlə bağlı da biz rastlaşırıq, tutaq ki, bələdiyyələrə bu səlahiyyətlər verilməlidir və sair.
Digər məsələlərdə də buna rast gəlirik. Dövlət strukturlarında o mexanizmləri bir-birinə qarışdırmaq olmaz. Hərənin öz xətti var, parlamentli respublikanın öz xətti var, prezidentli respublikanın öz xətti var, monarxiyanın da öz xətti var. Konstitusiyalı monarxiyanın da öz xətti var. O baxımdan da Azərbaycan prezidentli respublikadır və prezidentli respublikaya aid olan səlahiyyətlərlə müqayisə aparmaq lazımdır. O cür struktur quruluşu olan dövlətlərlə müqayisə aparmaq lazımdır. Avropanın əksər ölkələrində parlamentli respublikalardır və bu baxımdan onları uyğunlaşdırmaq olmaz. Onlar qanunlara hər hansı bir tövsiyə verəndə də bu nöqteyi-nəzərdən tövsiyə verirlər. Bizim dövlət quruluşumuzu, idarəetmə sistemimizi öyrənib tövsiyə vermirlər. Ona görə də mən hesab edirəm, çox düzgün olaraq qəbul olunmuş bir layihədir və deputat həmkarlarımdan səs verib, qəbul etmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Əslində, Siyavuş müəllim münasibət bildirdi, fikirlərimiz üst-üstə düşür. Mən qısaca bir-iki cümlə deyəcəyəm. Mən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu GRECO-nun Azərbaycan parlamentindəki nümayəndə heyətinin tərkibindəyəm və qeyd edim ki, bu dəyişikliklər Avropa Şurası məkanına xas olan bir dəyişikliklərdir. Amma bir şeyi də konkret nəzərə çatdırmaq istədim ki, – Siyavuş müəllim də toxundu o məsələyə, – bizdə Konstitusiya üzrə bölgü var və 4 qurumun – Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Müdafiə Nazirliyinin nəzarətetmə funksiyası cənab Prezidentə aiddir. Ona görə də bizim hökumətin tərkibində olmayan qurumlara nəzarət etməyimiz, təbii ki, düzgün olmazdı və belə hesab edirəm ki, bu, normal təklifdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vüsal Hüseynov.
V.Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Mən də bu layihəyə dəstək xarakterli bütün fikirlər ilə razıyam. Sadəcə, burada “Avropa Şurasının tövsiyəsi” ifadəsi səsləndi. Mən Korrupsiyaya qarşı Dövlətlər Qrupunda Azərbaycan nümayəndə heyətinin bir müddət rəhbəri olmuşam və bu tövsiyənin hazırlanması prosesində iştirak etmişəm. Burada söhbət bizim qoşulduğumuz konvensiyaya uyğunluqdan gedir. Yəni Avropa Şurası bu tövsiyəni verdikdə hər hansı bir hakimiyyətin bir qanadının digər qanadından üstünlüyü məqsədi ilə verməmişdir. Əslində, bu, sırf redaktə xarakterli düzəlişdir. Maddənin mətni ilə başlıqdakı uyğunsuzluğun aradan götürülməsidir. Biz bunu belə götürməliyik. Burada heç bir halda hər hansı bir müstəqilliyə təzyiqdən, təsirdən söhbət gedə bilməz.
Digər həmkarlarımın səsləndirdikləri bəzi fikirlərlə bağlı demək istəyirəm ki, təbii, parlamentin özünün da icra hakimiyyəti orqanı üzərində nəzarət funksiyaları var. Həm qanunla, həm də Konstitusiya ilə deputatın sorğu səlahiyyəti mövcuddur, biz komitələri də dəvət edə bilərik. Milli Məclis öz qərarı ilə müəyyən şeyləri aydınlaşdırmaq üçün məsələ qaldıra bilər. O baxımdan hesab edirəm ki, biz buna sırf redaktə xarakterli düzəliş kimi baxmalıyıq və dəstəkləməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar xanım, buyurun.
B.Muradova. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən məsələnin dərinliklərinə gedib mübahisələrə qoşulmaq istəmirəm. Sadəcə, burada mənə istinad olundu və ATƏT-in Parlament Assambleyasının orduya, təhlükəsizlik orqanlarına nəzarət funksiyasını təsbit edən qətnaməsindən söhbət getdi. Məlumat üçün demək istəyirəm ki, beynəlxalq təşkilatlarda işləyən həmkarlarımız da bilirlər, buradakı prosedur qaydaları istənilən bir fərdə, yəni beynəlxalq təşkilatın Parlament Assambleyasının üzvü olan hər bir deputatına imkan verir ki, hər hansı bir məsələ ilə əlaqədar qətnamə layihəsi və ya qəbul olunan deklarasiyaya əlavə bənd hazırlasın, orada özünün məqbul bildiyi, öz ölkəsinin təcrübəsinə, müəyyən qisim ölkələrin təcrübəsinə uyğun məsələlər öz əksini tapsın və səs çoxluğu ilə keçsin.
Amma unutmaq olmaz ki, bu qərarlar tövsiyə xarakterlidir və ATƏT-in Parlament Assambleyasının adı çəkilən müvafiq qətnaməsi də ölkələr üzərinə məcburi öhdəlik qoymur və təbiidir ki, bu qətnamələrin qəbulu və yerinə yetirilməsi məsələsində belə tövsiyələr olur. Hər bir ölkə özünün daxili siyasi strukturu və hakimiyyət bölgüsü parametrlərini nəzərə almaqla bu məsələni həyata keçirə bilər. Yəni bu, imperativ öhdəlikdir. Adı çəkilən qətnamə də məsələni kəskin qoymur və ölkəmizin daxili strukturunu, hakimiyyət bölgüsünü nəzərə alaraq hesab edirəm ki, biz bu öhdəliyi mütləq şəkildə yerinə yetirməyə borclu deyilik, ona görə ki, o bizim mənafelərimizlə tam səsləşmir.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 25-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Bu dəyişiklik uyğunlaşdırma xarakterlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda qeyd olunub ki, məlumatlandırma icraatının tətbiq edilməsi sifarişli poçt göndəriş ilə və ya bilavasitə keçirilməlidir. Eynilə bu ifadə əsas qanun olan Mülki Məcəllədə də öz əksini tapmalıdır. Mülki Məcəllə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla uyğunlaşdırılmalıdır. Səs verilməsini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Sağ olun. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinə təklif olunan iki düzəliş var. Söhbət nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından gedir. 342-ci maddənin çıxarılması təklif olunur. Düşünürəm ki, bu, kifayət qədər düzgün bir addımdır. “Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə” müddəası var idi, buna görə cərimə sanksiyası tətbiq edilirdi. Bu layihə bizim internet portalda yerləşdiriləndən sonra mətbuatda da fərqli fikirlər olmuşdu, hətta dövlət orqanları tərəfindən fərqli izahatlar da oldu. Əsas izahat ondan ibarət idi ki, bu, təcrübədə tətbiq olunmadığına və buna ehtiyac da duyulmadığına görə belə bir müddəa qanunvericilikdən çıxarılır. Mən izah etmək istəmirəm ki, doğrudan da, bu, inzibati xətadır, ya xəta deyil, amma bu məsələdə ictimaiyyətin fikri ilə qanunvericilik subyektinin fikri üst-üstə düşür.
Sədrlik edən. Aydındır, sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, vətəndaşların yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi müddəti ilə bağlı hər il qanunun qüvvəyə minməsi vaxtını dəyişdiririk. Bu da texniki problemlərlə bağlıdır. Biz daha çox ümidvardıq ki, bu məsələlər daha tez həllini tapar. Çünki bu, doğrudan da, vətəndaşların müasir tipdə şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün vacib bir qanundur. Amma hələlik maddi-texniki problemlər mövcuddur və təklif olunur ki, bunun qüvvəyə minmə tarixi 2019-cu ilə keçirilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Hesab edirəm ki, Azərbaycanda orden və medalların təsis olunmasında irəli çox mühüm bir addım atılır. Müharibə şəraitində olan bir ölkədə “Rəşadət” ordeninin təsis olunması çox təqdirəlayiq bir haldır. “Rəşadət” ordeninin statusunda təltif olunacaq şəxslərin siyahısı verilib. Bu siyahıya baxsanız, görərsiniz ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, ümumiyyətlə, real döyüş şəraitində iştirak edən əsgərlərdən və zabitlərdən gedir. O şəxslər üçün təltif olunması nəzərdə tutulur ki, onlar hərbi xidmət göstərərkən xüsusi peşəkarlıq, mərdlik və qətiyyət nümayiş etdirmişlər. Ordenin “Azərbaycan Bayrağı” ordenindən sonra taxılması nəzərdə tutulur. Eyni zamanda, təsvirdən gördüyünüz kimi, Azərbaycan Respublikasının “Rəşadət” ordeni həm hərb tariximizlə, həm də müstəqil dövlətçiliyimizlə bağlı bütün atributları özündə ehtiva edir. Hesab edirəm ki, belə bir ordenin qəbulu Azərbaycanda orden yaradıcılığına çox vacib bir töhfə olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə bağlı Sahib Alıyev çıxış etmək istəyir. Buyurun, Sahib müəllim.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, dəyərli həmkarlar! Hörmətli Əli müəllim “Rəşadət” ordeni ilə bağlı dedi. Mən həmin fikirlərlə tamamilə razıyam. Onu demək istəyirəm ki, mən bu layihəni, sadəcə, dəstəkləmirəm, eyni zamanda, həm də alqışlayıram. Nəyə görə alqışlayıram? Ona görə alqışlayıram ki, biz bunu belə bir gündə, yəni Milli Dirçəliş günündə, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürüldüyü, Azərbaycan bayrağının Naxçıvanda dalğalandırıldığı və Ali Sovet qarşısında məsələ qaldırıldığı bir gündə qəbul edirik. Bu ordenin təsis edilməsini gələcəkdə Qarabağın və erməni işğalı altında olan digər torpaqlarımızın azad olunmasının müjdəsi kimi görürəm. Ona görə də mən bu addımı alqışlayıram. Mən təsəvvür edirəm ki, bu ordeni çox da uzaqda olmayan bir gələcəkdə bizim yüzlərlə əsgər və zabitimiz öz sinələrində fəxrlə gəzdirəcək. Əlbəttə, dövlət mükəmməlləşdikcə, oturuşduqca, onun təsisat sistemində də mükəmməlləşmə olmalıdır. Xüsusilə bu özünü hərbiçilərə yanaşmada göstərməlidir. Biz qədim Roma tarixindən də bilirik ki, bu təsisatlar dövlətin öz siyasətini həyata keçirməsində mühüm rol oynayır. Bu orden də öz növbəsində göstərilən qəhrəmanlığın dəqiqləşdirilməsinə mühüm töhfəsini verəcək. Bu baxımdan çox əhəmiyyətlidir.
Mən burada bir fikir də səsləndirmək istəyirəm. Bu nə təşəbbüsdür, nə də təklifdir. Bu haqda təşəbbüsü, adətən, ordu komandanlığının aşağı heyəti verir və yuxarı heyət də bu təşəbbüslə çıxış edir. Bu fikir nədən ibarətdir? Biz bir çox ölkələrin, o cümlədən Rusiyanın tarixində görmüşük ki, hər hansı uğurlu hərbi əməliyyatla bağlı hərbiçilər üçün medallar təsis edilib. Məsələn, 1999-cu ildə Rusiyanın desant qüvvələri Bosniya və Kosovoya yeridiləndə bununla bağlı xüsusi medal təsis olundu. Düzdür, sonradan həmin mövqelər əldə saxlanılmadı, amma əsas bu idi ki, o hadisələr zamanı baş vermiş qəhrəmanlıqları yaddaşlarda saxlamaq üçün belə bir medal təsis edilib. Fikrimcə, aprel döyüşləri zamanı Lələtəpə və Talış yüksəkliyinin ələ keçirilməsi ilə bağlı da belə bir medal təsis edilə bilərdi. O döyüşlərin qızğın getdiyi regionun təmsilçisi kimi mən fikirləşirəm ki, bu çox yerinə düşərdi. Bizim igidlik göstərən döyüşçülərimizin hamısı bu cür medal daşımağa layiqdir. Çünki o tarixi günlər bizim Azərbaycanın hərb tarixinin ən şərəfli günlərindəndir.
Həmkarlarım Siyavuş Novruzovun və Fazil Mustafanın təbrikləri oldu. Onu da xatırlatmaq istəyirəm ki, bu gün bizim Elmlər Akademiyasının akademiki, ilk tibb alimi Mirəsədulla Mirqasımovun da anadan olduğu gündür. Görünür, tarix, sadəcə, hadisələrə görə təkrarlanmır, həm də insanlara görə təkrarlanır. Fikirləşirəm ki, hörmətli akademikimiz və həmkarımız Əhliman Əmiraslanovun da məhz bu gün anadan olması bunun növbəti təsdiqidir. Mən də öz təbrikimi çatdırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də təbii olaraq Ali Baş Komandana, qanun təşəbbüskarına belə bir ordenin təsis olunması ilə bağlı Milli Məclisə göndərdiyi bu qanun layihəsinə görə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən, Azərbaycan ordusu, Azərbaycan oğulları çox böyük rəşadət göstərirlər. Bu ordenin təsis olunması onu bir daha vurğulayır ki, sağlamlıq üçün real təhlükə olanda, eyni zamanda, düşmənlə üz-üzə gələndə həmin rəşadəti göstərmək, həyata keçirmək, eyni zamanda, bütün varlığı ilə buna sinə gərmək layiqincə qiymətləndirilməlidir. Təbii ki, bu ordenə, ondan daha çoxuna layiq olan gənclərimiz var, bizim müdafiə istiqamətində işləyən, müdafiəni təşkil edən, birbaşa onun iştirakçısı olan hərbiçilərimiz var. Burada çox müsbət bir hal var. Aprel döyüşləri göstərdi ki, bizim hərbi qoşun növündən asılı olmayaraq hər bir hərbi qulluqçu çox böyük həvəslə, coşqu ilə, sevgi ilə öz torpaqlarını azad etmək prosesində iştirak edir.
Eyni zamanda, burada fikirlər səsləndirildi. Təbii ki, ordeni qazanmaq böyük bir nailiyyətdir və burada insan təkcə iştirak etmir, eyni zamanda, həmin o döyüşlərdə real təhlükə vəziyyətində öz qəhrəmanlığını göstərir. Düzdür, hərbi qulluqçunun vəzifəsidir ki, bu işləri həyata keçirsin. Amma orden o hallarda verilir ki, burada da qeyd olunub, hərbçilər, həqiqətən də, ərazi bütövlüyünün təhlükəsizliyini təmin etsinlər, mülki əhalin qorusunlar. Mən düşünürəm ki, bu çox yüksək bir qiymətdir və belə ordenin təsis olunması ruh yüksəkliyi gətirir. Burada xüsusi olaraq vurğulanıb ki, rütbəsindən asılı olmayaraq. Yəni sıravi bir hərbi qulluqçu da ola bilər, rütbəli bir hərbi qulluqçu da ola bilər. Bu çox müsbət haldır. Gələcəkdə, mən bilmirəm, Əli müəllim, biz bəlkə müəyyən qədər mülki şəxslərə də hansısa ordenin verilməsi ilə bağlı fikirləşə bilərik. Bilmirəm, bu mümkündür, yoxsa yox. Amma bizim cəbhə bölgəsində olan mülki əhali də son döyüşlərdə bir daha öz şücaətini göstərdi, heç kim kənddən çıxmadı. Mənə elə gəlir ki, bu da müəyyən qədər cəsarətin, torpağa bağlılığın bir göstəricisidir. Bəlkə gələcəkdə biz bu dərəcədə də olmasa, müəyyən dərəcədə bizim o yerli əhalinin qəhrəmanlığını qiymətləndirə bilərik. Həqiqətən də, son dəqiqəyə qədər heç nədən qorxmayaraq, çəkinməyərək hərbi qulluqçularla birlikdə öz torpaqlarını müdafiə etdilər.
Mən bu ordenin təsis olunmasını tam dəstəkləyirəm. Bir daha təşəkkürümü bildirmək istəyirəm. Yəni bizim qələbələrimiz qabaqdadır. İnşallah, bizim bayrağımız Şuşada, Laçında dalğalanacaq və biz də elə etməliyik ki, bizim xüsusi şücaət göstərən gənclərimiz, hərbi qulluqçularımız müəyyən qədər fərqlənsinlər. Çox sağ olun, təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Fuad müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Biz, təbii ki, hamımız bunu dəstəkləyirik və bu ordenlərin təsis olunması gənclərimiz arasında ruh yüksəkliyini, hərbi vətənpərvərliyi daha da yüksəldir. Amma mən hərbi sahədə orden və medallardan danışdığımız üçün bir məsələni diqqətə çatdırmaq istəyirəm. Azərbaycan Texniki Universitetində tədbirdə iştirak edərkən, millət vəkillərimizin təxminən 8 nəfəri, hörmətli Vahid müəllim, Zahid müəllim, Flora xanım və sairləri də o tədbirdə iştirak edirdi, şəhid ailələri millət vəkilləri olaraq bizə bir məsələni parlamentdə söyləməyimizi xahiş etdilər. Bir az öncə də vurğulamışdım, bizim 7 qəhrəman kəşfiyyatçımız tapşırığı yerinə yetirəndən sonra özlərini partlatmışdılar ki, heç bir sirr düşmənin əlinə keçməsin. Onlardan, sadəcə, bir nəfəri çox ağır yaralanıb, ancaq ölməyib, sağ qalıb. Onun xəstəliyi Azərbaycanda mümkün deyil. Xaricdə ciddi əməliyyat olunmalıdır və o şəhid anaları Azərbaycan Texniki Universitetinin səhnəsindən millət vəkillərinə müraciət etdilər ki, o hamımızın oğludur. Biz 7 ana öz övladlarımızı itirmişik. O bir oğulu hamımız özümüzə oğul hesab edirik və sizdən xahiş edirik ki, müvafiq qurumların qarşısında məsələ qaldırın ki, Zaqataladan olan Aqil bəyin əməliyyatını təşkil etsinlər. Çünki o, əməliyyat olunmazsa, onun həyatı təhlükəyə girə bilər. Biz də millət vəkilləri olaraq buradan onların xahişini sizlərə çatdırırıq. Mən də elə bu ordenin təsis olunması ilə bağlı demək istəyirəm ki, o da bizim qəhrəmanlarımızdan biridir. Biz bununla bağlı müvafiq qurumlara yazmışıq. İnanırıq ki, Müdafiə Nazirliyimiz, Səhiyyə Nazirliyimiz, digər qurumlar bu məsələyə diqqətli olacaqlar. Çünki onlar bizə sizdən Milli Məclis səviyyəsində bu məsələni qaldırıb həll etmənizi xahiş edirik dedilər. Mən də məsələni burada səsləndirmək istədim. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin sonuncu məsələsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Sağ olun. Hörmətli həmkarlar, “Prokurorluq haqqında” Qanunda həm də prokurorluq işçilərinin attestasiya məsələsi həll olunur. Bu düzəlişin mahiyyəti ondan ibarətdir ki, konkret göstərilir, imtahanların keçirilməsi ilə bağlı əgər hər hansı bir hal, başqa bir müddəa qanunda nəzərdə tutulmayıbsa, onda onları attestasiya zamanı tətbiq etmək olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mənə elə gəlir, məsələ hamıya aydın oldu. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.