21.11.2017 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 50
Milli Məclisin iclas salonu.
21 noyabr 2017-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 107
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri
Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Ramin Quluzadə, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri.
Pərviz Şahbazov, Azərbaycan Respublikasının energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
* * *
Rüfət Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurasının sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
* * *
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
* * *
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin paratından
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti məsələləri şöbəsinin müdiri.
* * *
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Səyyad Salahlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini.
Niyazi Rəhimov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Şahin Mustafayev, Elman Rüstəmov, Vüqar Gülməmmədov, Fazil Mustafa, Siyavuş Novruzov, Aqiyə Naxçıvanlı, Zahid Oruc, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Elmira Axundova, Fərəc Quliyev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Fəzail Ağamalı, Əli Məsimli, Vahid Əhmədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
21 noyabr 2017-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətl hökumət üzvləri, hörmətli millət vəkilləri! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 107
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Bugünkü iclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik də təsdiqləndi.
Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan vermişdir.
2017-ci il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu hadisələrdən biri iki ay öncə “Azəri–Çıraq–Günəşli” neft və qaz yataqları blokunun işlənilməsinə dair sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı olmuşdur. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi dayanıqlığı üçün möhkəm zəmin yaratmışdır.
Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfinə daxil olan sənədlər ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olmuşdur. Əgər qeyri-neft sektorunun mühüm hissəsi olan kənd təsərrüfatı istehsalının 2021-ci ilədək bütün vergilərdən azad edildiyi nəzərə alınarsa, bu göstəricinin arxasında nə qədər böyük bir potensialın dayandığını təsəvvür etmək olar.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarmışdır. Bunu qeyd etmək kifayətdir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan həmin göstəriciyə görə iki pillə də irəliləyərək dünyanın 140 dövləti arasında 35-ci yerə yüksəlmiş, MDB ölkələri arasında isə liderliyini qoruyub saxlamışdır.
Qeyd olunmalıdır ki, 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunmuşdur. Təqdim edilmiş büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaqdır. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaqdır.
Əvvəlki illərdə olduğu kimi, büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən 2,2 faiz çoxdur.
Mən büdcənin texniki xarakteristikası haqqında geniş söhbət açmaq fikrində deyiləm. Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin və maliyyə nazirinin məruzələrində ətraflı məlumat veriləcəkdir.
Hörmətli millət vəkilləri, 2018-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Bildiyiniz kimi, komitə iclaslarında 35-dən çox millət vəkili çıxış etmişdir. Hesablama Palatası da büdcə zərfi barəsində çox sanballı bir sənəd hazırlamış və öz müsbət rəyini bildirmişdir. Hesab edirəm ki, plenar iclaslarda aparacağımız müzakirələr səmərəli olacaqdır.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, indi isə təklif edirəm ki, əvvəllər olduğu kimi, ilk növbədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinə söz verək, sonra maliyyə və iqtisadiyyat nazirləri çıxış etsinlər, ondan sonra isə Mərkəzi Bankın və Hesablama Palatasının rəylərini dinləyək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətl hökumət üzvləri, hörmətli millət vəkilləri! Artıq hörmətli Oqtay müəllim Azərbaycanın iqtisadi həyatında son aylarda baş verən dəyişikliklər barədə konkret məlumat verdi. Həqiqətən, 2017-ci ildə ölkəmizin sosial-iqtisadi həyatında mühüm hadisələr baş vermişdir ki, bütün bunlar ölkənin davamlı, dayanıqlı və keyfiyyətli inkişafı üçün möhkəm baza yaradır, 2018-ci il göstəricilərinin yüksək səviyyədə yerinə yetirilməsinə inamı artırır.
Qeyd etmək istəyirəm ki, Milli Məclisin komitələrində dövlət büdcəsi zərfinə daxil olan sənədlər ətraflı, geniş müzakirə olunmuşdur. Müzakirələrdə hökumət üzvləri – maliyyə naziri hörmətli Samir müəllim, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər iqtisadi, sosial strukturların rəhbərləri çıxış etmişlər. Birmənalı şəkildə qeyd edilmişdir ki, Azərbaycan hökuməti bu dəfə də dövlət başçısı İlham Əliyevin tapşırıqlarını əsas tutaraq 2018-ci ilin büdcəsinin hazırlanmasına çox ciddi yanaşmış, ölkənin davamlı inkişafı, sosial problemlərinin həlli istiqamətində konkret maliyyə vəsaitləri tapmışdır. Ona görə də dövlət başçısı xüsusi olaraq vurğulayır ki, ölkədə maliyyə sabitliyi var, respublikanın maliyyə imkanları genişlənir və bu da daha irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradır.
Azərbaycan dövləti 2017-ci ildə heç bir sosial proqramın maliyyələşdirilməsini dayandırmamış, valyuta ehtiyatlarını artırmış, tədiyyə balansının göstəricilərin yaxşılaşdırmış, gələcəyə hədəflənmiş layihələrin maliyyələşdirilməsini davam etdirmiş, 2018-ci ildə davamlı inkişaf, sosial tərəqqi meyillərini gücləndirməyə əsas yaradan dövlət büdcəsi layihəsini hazırlamışdır.
İlk növbədə dövlət büdcəsinin gəlirləri 2017-ci il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 20 faiz, 2016-cı illə müqayisədə 15 faiz çoxdur. Bu, kifayət qədər böyük artımdır. Ancaq bu artım barədə bir neçə kəlmə demək istəyirəm. 2005-ci ildə Azərbaycan dövlətinin büdcəsi cəmi 1,5 milyard idi. 2018-ci ildə nəzərdə tutulan artım 2005-ci ilin büdcəsindən 1,7 dəfə çox, 2006-cı ilin dövlət büdcəsinin isə 87 faizinə bərabər olmuşdur. Onu da qeyd edək ki, həmin illərdə dünya bazarında neftin qiyməti müvafiq olaraq 53,4 və 64 dollar olmuşdur.
2018-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə proqnoz məbləği ümumi daxili məhsulun 11,4 faizi həcmində olmaqla 7,9 milyard manat nəzərdə tutulur. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Vergilər Nazirliyi artıq 15 ildir ki, büdcə gəlirlərinin formalaşması üzrə nəzərdə tutulmuş proqnozları artıqlaması ilə yerinə yetirir.
Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyinin xətti üzrə 2018-ci ildə vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkisi 72,5 faiz təşkil edəcəkdir. Qeyri-neft sektoru üzrə isə vergi daxilolmaları 2017-ci ilin proqnozuna nisbətən 3,8 faiz, 2016-cı ilin icraatına nisbətən 11 faiz çoxdur.
Vergi orqanları tərəfindən ölkədə ümumi biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, mövcud vergi potensialından daha səmərəli istifadə olunması, vergitutma bazasının genişləndirilməsi və bu sahədə şəffaflığın daha da artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülməkdədir.
Hazırda vergi ödəyiciləri ilə vergi orqanları arasında canlı təmas amilinin minimuma endirilməsində mühüm rola malik olan bəyannamələrin elektron formatda qəbulu da daxil olmaqla elektron xidmətlərin sayı genişləndirilərək 65-ə çatdırılmışdır.
Müasir texnologiyaların geniş tətbiqi ilə vergidən yayınma hallarının aşkarlanması və nəticədə optimal vergi inzibatçılığı fəaliyyətinin çağdaş modelinin qurulması müəyyən edilmiş vergi daxilolmalarının artım meylini təmin etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar–oktyabr ayları üzrə vergi daxilolmaları 4,8 faiz artmışdır.
Əsas prioritet sahələrdən hesab edilən regionların sosial-iqtisadi inkişafı konsepsiyasının həyata keçirilməsinin uğurlu nəticəsi olaraq 2017-ci ilin yanvar–oktyabr aylarında regionlarda vergi daxilolmaları 516,3 milyon manat təşkil etməklə proqnoza 100,9 faiz əməl edilmişdir.
Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində son illər görülən işlər, həm də qarşıya qoyulmuş yeni hədəflər daha çevik, yeni tələblərə adaptasiya oluna bilən, zamanın çağırışları ilə dərhal və adekvat uzlaşa bilən, müasir korporativ idarəetmə prinsiplərinə söykənən dinamik struktura malik administrasiyanın qurulmasını tələb edir ki, hazırda da bu istiqamətdə konkret tədbirlərin reallaşması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilmişdir. Eyni sözləri mən Dövlət Gömrük Komitəsi haqqında demək istəyirəm. Dövlət Gömrük Komitəsi xətti vasitəsi ilə büdcə daxilolmaları ildən-ilə artıqlaması ilə yerinə yetirilir. Cari ilin 10 ayı ərzində 1 milyard 850 milyon manat proqnoza qarşı faktiki olaraq 2,2 milyard manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülmüşdür.
Onu da qeyd edək ki, 2017-ci ilin 10 ayı ərzində idxal əməliyyatlarının həcmi təqribən 7 milyard dollar olmuşdur ki, bu da ötən ilin müvafiq proqnoz göstəricilərindən çoxdur.
Dövlət büdcəsi layihəsində Dövlət Gömrük Komitəsi xətti üzrə daxilolmaların proqnozuna görə ümumi daxili məhsulun 3,5 faizi həcmində olmaqla 2,4 milyard manat nəzərdə tutulur. Hazırda Azərbaycan hökuməti, Dövlət Gömrük Komitəsi tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi və idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi, idxal yönümlü malların istehsalı sahələrinin xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə istehsal prosesində istifadə olunan və ölkədə tələbata adekvat həcmdə istehsal potensialı olmayan xammal, aralıq məhsul və istehsal vasitələri üzrə dərəcələrin azaldılması, habelə hazırda ölkədə istehsal olunan və istehsal potensialı yüksək olan məhsullar üzrə rüsumların artırılması və ya spesifik rüsumların tətbiq edilməsi istiqamətində konkret tədbirlər görür ki, bu da Dövlət Gömrük Komitəsi üzrə büdcə tapşırıqlarının yerinə yetirilməsinə, respublikanın xarici iqtisadi əlaqələrinin səmərəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcəkdir.
Millət vəkillərinə məlumat vermək istərdim ki, sadaladığım bu tədbirlər cənab Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanıb. Bilirsiniz ki, cənab Prezident İqtisadiyyat Nazirliyi və digər strukturlarla görüşündə bildirmişdi ki, Azərbaycanda bir sıra sahələrin ixrac potensialını artırmaq lazımdır. Amma bəzi məhsullar üzrə qoyulan rüsumlar maya dəyərini, istehsal xərclərini artırırdı və bu da bizim məhsulların dünya bazarında rəqabət qabiliyyətini aşağı salırdı. Mən dünən maraqlandım, artıq Nazirlər Kabinetinin bu barədə rəsmi qərarı çıxmışdır ki, bu da bütövlükdə ölkəmizin əmtəə istehsalçılarının qorunmasına müsbət təsir göstərəcəkdir.
Ən vacib məsələlərdən biri dövlət büdcəsində neftin qiymətinin müəyyən edilməsidir. Bu məsələ barəsində mətbuatda da xeyli fikirlər söylənilir. Milli Məclisin komitələrində müzakirə zamanı bu məsələ qaldırıldı.
Dövlət büdcəsində 1 barel neftin qiyməti 45 dollar götürülmüşdür. Bu rəqəmi büdcədə əsas götürmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və digər strukturlar dünya bazarında neftin qiymətinin dəyişməsi meyillərini təhlil etmiş, ekspert qiymətləndirmələri aparmış və bu məsələdə birmənalı şəkildə konsensus formalaşdırmışdır.
Təbii ki, bu rəqəm daha çox və ya daha az ola bilərdi. Lakin birinci halda hökumət risklərə məruz qalardı, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir çox mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik. Hökumət belə hesab edir ki, 2018-ci il üçün neftin barelinin 45 dollar müəyyən edilməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək.
Biz sadə bir təhlil apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri, bir-iki il istisna olmaqla, ildə 1,8–2 milyard artır. Ən yüksək artım 2007–2008-ci illərdə olub. Bu təxminən 4 milyard manat təşkil edirdi. Onda 1 barel neftin qiyməti 71 dollardan 96,5 dollara qalxmışdı.
İkinci hal 2011-ci ilə təsadüf edir. Onda dövlət büdcəsinin gəlirlər 4,3 milyard manat artmış, neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını nəzərdə tuturuq. Neftin qiymətinin 45 dollar həcmində olduğu bir şəraitdə bu artımın səbəbi, heç şübhəsiz ki, Azərbaycanın son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialımızın möhkəmlənməsi, yaradılan yeni iş yerləri, yaradılan yeni müəssisələr və sair olmuşdur. Belə bir dinamika büdcə gəlir və xərclərinin əsas parametrlərinin səviyyəsinə görə digər ölkələrlə müqayisədə ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsinə, devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması prosesinin sürətləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Azərbaycan hökumətinin dövlət büdcəsində neftin qiyməti, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması, hesab edirik ki, milli iqtisadiyyatın inkişafı, qlobal risklərdən qorunmaq üçün möhkəm iqtisadi baza yaratmaq baxımından kifayət qədər məqbul sayılmalıdır.
Cənab Prezident İlham Əliyev “Şahdəniz” yatağının istifadəyə verilməsinə həsr olunmuş mərasimdəki çıxışında demişdir: “Ona əminəm ki, bizim proqnozlarımız həyatda öz tətbiqini tapacaqdır. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” neft yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı, əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz “Abşeron” yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid” və “Babək” yataqlarının çox böyük perspektivləri vardır. Gələn il Dövlət Neft Şirkəti bu yataqlarda daha fəal iş aparacaqdır. Müəyyən işlər, daha da böyük həcmli işlər aparılır”.
Bu məsələləri ona görə deyirəm ki, neftdən asılılığımızın, Dövlət Neft Fondundan transfertlərin çox olması və sair kimi halların arxasında obyektiv olaraq Azərbaycan dövlətinin iqtisadi potensialının qüvvətlənməsi durur. Əgər Dövlət Neft Fondundan ayırmalar olmasaydı, “Əsrin müqaviləsi” bağlanmasaydı və onun hesabına Azərbaycana daxil olan gəlirlərin bir hissəsini irimiqyaslı layihələrin həyata keçirilməsinə yönəltməsəydik, təbii ki, bu gün iqtisadi müstəqilliyimizdən söhbət gedə bilməzdi.
Bu yaxınlarda cənab Prezident neftçilərin bayramı günündə Azərbaycanda 2 milyard ton neftin çıxarılması münasibəti ilə çox gözəl qeyd etmişdi ki, artıq biz bu gün qətiyyətlə deyə bilərik ki, bütün bunlar Azərbaycan neftçilərinin gərgin əməyi ilə olub. Yəni iqtisadi müstəqilliyimizi təmin edən şərtlərdən əsası ondan ibarətdir ki, Azərbaycan neftçiləri dünya bazarlarına 700 milyon tondan çox neft çıxarıblar.
Bayaq Şahmar müəllim bu rəqəmləri təsdiqlədi, biz Dövlət Neft Fondundan son 10 ildə dövlət büdcəsinə 76 milyard dollar transfert etmişik. Bu böyük bir rəqəmdir. Bu olmasaydı Azərbaycan hansı risklərlə üzləşə bilərdi. Hamımız bilirik ki, qloballaşan dünyada Azərbaycan balaca bir ölkədir və bizə nə qədər təzyiqlər var və sair. Ona görə bir müddət Azərbaycan dövləti bu siyasəti davam etdirəcək.
Eyni zamanda, cənab Prezident vurğulayır ki, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir. Bayaq hörmətli Oqtay müəllim də qeyd etdi, dövlət büdcəsində bu məsələ çox ciddi nəzərə alınıb. Qeyri-neft sektorundan daxil olan büdcə gəlirlərinin artması artıq bir qanunauyğun hal kimi uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında özünü göstərəcəkdir.
İqtisadiyyat Nazirliyinin apardığı proqnozlar, doğrudan da, reallığı, Azərbaycanda yaranan potensialı əks etdirir. Neft hasilatının azalması şəraitində ölkə iqtisadiyyatının ümumi daxili məhsulunun artması ilə imkanlar axtarılır və 2018-ci il üzrə belə bir artım 1,5 faiz proqnozlaşdırılır. Baxmayaraq ki, neft hasilatının 1 faiz azalacağı gözlənilir. Hökumətin təqdim etdiyi materiallarda da göstərilir ki, ən vacib məsələlərdən biri qeyri-neft sektorunun və qeyri-emal sənayesinin inkişafıdır.
Son dövrlərdə ölkədə sənayeləşmə templəri yüksəlmiş, sənayenin aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, əczaçılıq və inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişləndirilməklə bərabər, kosmos sənayesi, gəmiqayırma kimi yeni sahələr yaradılmışdır. Qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiya parkları və sənaye məhəllələri mühüm rol oynayır. Tahir müəllim buradadır, mən ona təşəkkür edirəm. Hesablama apardıq ki, yeni parklar, sənaye məhəllələri nə qədər məhsul verirlər. Bu rəqəm 600 milyon manatı ötüb keçir. Təbii ki, bu potensialı daha da artırmaq lazımdır.
Mən hökumətdən də, İqtisadiyyat Nazirliyindən də xahiş edərdim ki, ümumiyyətlə, texnoloji parkların, sənaye məhəllələrinin iqtisadi potensialı haqqında mütəmadi məlumat versinlər. Bu yaxınlarda bizim komitənin və Aqrar siyasət komitəsinin üzvləri Balaxanıda, Sumqayıtda, Dəniz limanında, Neftçalada olduq. Gördük ki, qısa zaman kəsiyində Azərbaycanda xeyli yeni sənaye müəssisələri yaradılıb. Təbii ki, bu sənaye müəssisələrinin təkmilləşdirilməsinə ehtiyac var, innovasiyalı texnologiyalar daha çox tətbiq edilməlidir.
Bir çox məsələlər var ki, onlar öz həllini tapacaq. Lakin bu gün görürük ki, Azərbaycanın regionlarında tikilən yeni sənaye müəssisələri, sənaye parkları bütövlükdə Azərbaycan sənayesinin simasını dəyişdirir. Regionlarda yeni iş yerləri yaranır, pul gəlirlərinin formalaşmasında yavaş-yavaş olsa da, meyllər rayonların xeyrinə güclənir. Əgər rayonlarda pul kütləsi artacaqsa, deməli, daimi tələbat stimullaşacaq, əmtəə dövriyyəsi artacaq və beləliklə, zəncirvari proses olaraq Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Eyni zamanda, cənab Prezident bu yaxınlarda Gəncə şəhərində olanda çox dəyərli görüşlər keçirdi və bunlar bir daha Azərbaycanın iqtisadi-sosial mənzərəsini göstərdi. Bu qədər yeni iş yerləri, yeni müəssisələr yaradılır. Bunlar nəyi göstərir? Azərbaycanda dövlət büdcəsi vasitəsilə müəyyən sahələrin sürətli inkişafını.
Konkret bir fikri demək istəyirəm, cənab Prezidentin sözləridir: “Bu gün ölkəmizdə səhiyyə və təhsil, mədəniyyət, sənaye infrastrukturu inkişaf edir. Bütün sahələr inkişaf edir. Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. Burada bir çox zavodlar ölkəmizin qeyri-neft sektorunun inkişafında önəmli rol oynayır. Burada minlərlə iş yeri yaradılıb. Gəncə avtomobil zavodunu qeyd etmək kifayətdir ki, biz onun timsalında Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görürük. Biz vaxtilə Belarusla traktor istehsalı sahələri üzrə müqavilə bağladıq və burada “Belarus” traktorları, ondan sonra yük maşınları, avtomobillər yığılmağa, istehsal olunmağa başlandı. İndi bu zavod nəhəng bir sənaye mərkəzidir. Gəncə avtomobil zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni bu inkişaf ona gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, həm də qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsullarımızı, texnologiyalarımızı çıxarırıq”.
Oqtay müəllimin başçılığı ilə bizim nümayəndə heyəti Belarusda səfərdə oldu. Belarusun Prezidenti, Baş naziri, parlamentin rəhbəri birmənalı şəkildə dedilər ki, Azərbaycan–Belarus münasibətlərinin inkişafında Gəncə traktor zavodunun və digər müəssisələrin böyük rolu var. Bu misalı çəkməklə mən onu qeyd etmək istəyirəm ki, artıq bu cür müəssisələrin qorunması çox vacibdir. Mən Artur Tahiroviç, Sizə təşəkkür edirəm, qısa zaman kəsiyində belə sənaye müəssisələrinin yaradılması çox vacibdir.
Bazar iqtisadiyyatının ilkin mərhələsində xarici ekspertlər bizə tövsiyə edirdilər ki, iri müəssisələr lazım deyil. Ancaq bu gün dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlıqla yanaşı, Azərbaycanda iri müəssisələr yaradılmalıdır. Ona görə mən bir daha qeyd edirəm ki, bu sahədə Azərbaycan dövlətinin, hökumətinin mövqeyi tamamilə düzgündür. Həmin siyasət də dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Ümumiyyətlə, dünyada belə bir təcrübə var ki, hər bir ölkənin nəqliyyat sektoru ölkənin milli gəlirinin, ümumi daxili məhsulun 6–7 faizini təşkil edir. Ən yüksək şəraitdə 8 faiz olur. Amma bu gün bizim nəqliyyat kompleksinə, burada aparılan işlərə, yaradılan yeni dəyərin miqdarına, iqtisadi mühitin səmərəsinə baxın. Azərbaycan artıq Qədim İpək Yolunun üstündədir. Oqtay müəllim dedi, Bakı–Tbilisi–Qars dəmir yolunun açılması Azərbaycan üçün daimi kapitaldır. Biz iki qitəni birləşdiririk.
Srağagün İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə hesablamalar apardıq. Qısa zaman kəsiyində Azərbaycan dəmir yolunun gərgin fəaliyyəti, Bakı Dəniz Limanının işə düşməsi nəticəsində biz milyon tonlarla tranzit yüklərin daşıyıcısı olacağıq və büdcəmizə kifayət qədər pullar gələcək. Amma vaxt vardı ki, Beynəlxalq Valyuta Fondu bizə kreditlərin ayrılmasını məqsədəuyğun hesab etməyəndə Azərbaycan dövlətinin başçısı Dövlət Neft Fondundan bu vəsaitlərin ayrılmasında prinsipiallıq göstərdi. Bu gün Azərbaycan dövlətinin ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən müstəqil nəqliyyat siyasəti var. Mən elə hesab edirəm ki, bütövlükdə Azərbaycan nəqliyyatının yeni strategiyasının hazırlanması Azərbaycanın imkanlarını genişləndirəcək və bütövlükdə Azərbaycanın dövlət büdcəsinin yükünün azalmasına öz müsbət təsirini göstərəcək. Çünki nəqliyyat kompleksində dövlət müəssisələri ilə yanaşı, özəl müəssisələr də geniş yer alacaq ki, bu da biznes mühitinin yaxşılaşması ilə bilavasitə əlaqədardır.
Dövlət büdcəsinin ən mühüm bölmələrindən biri əsaslı və cari xərclərdir. Hörmətli Samir müəllim bu barədə kifayət qədər məlumat verəcək. Əsaslı xərclərin xüsusi çəkisi artır. Bu da təbiidir, çünki biz hələ irimiqyaslı layihələr həyata keçirməliyik. Ölkədə məşğulluq strategiyası hazırlanıb. Yeni iş yerlərinin yaradılması. Bütün bunların hamısı dövlət büdcəsinin üzərinə yıxılmamalı, eyni zamanda, özəl sektorun inkişafına yönəldilməlidir.
Onu da qeyd etmək istəyirəm ki, sırağagün Oqtay müəllim mənə tapşırdı, bir də onu araşdırdım. Regionlarda yaradılan gəlirlərin xüsusi çəkisi artmağa meyl edir. Regionların ümumi potensialda rolu artıb. Aqrar sektorun inkişafı istiqamətində çox cəsarətli addımlar atılır. Yəqin, hörmətli Eldar müəllim danışacaq, biz görürük ki, büdcə xərclərində həmin xərclər ildən-ilə artır. O da təbiidir, dövlətin dəstəyi vardır. Dövlətin dəstəyinin olması bizim imkanlarımızı genişləndirir. Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün daha böyük işlər görəcək. Ona görə hesab edirəm ki, Azərbaycan hökumətinin – Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin bu sahədə mövqeyi tamamilə düzdür.
Bayaq mən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqədar rəqəmlər dedim. Doğrudan da, ürəkaçan rəqəmlərdir. Amma nə qədər bizim azadolmalar var. Baxın, əhalinin 40 faiz yaşadığı kənddə vergilərdən azadıq. Texnoparklar, sənaye məhəllələri vergilərdən azaddır. Digər vacib dövlət əhəmiyyətli məsələlər var ki, vergilərdən azaddır. Amma illər sonra iqtisadi potensialımız gücləndikcə, o texnoparklar işə düşdükcə, təbii ki, biz vergi bazamızı daha da möhkəmləndirəcəyik. Amma yenə də deyirəm, bu gün dövlətin dəstəyi mütləq olmalıdır. Sosial yönümlü bazar iqtisadiyyatı qururuq və milli iqtisadiyyatımızı qorumalıyıq.
Dövlət büdcəsinin müzakirəsi zamanı ən vacib məsələlərdən biri ölkənin borclanma siyasətidir. Mən hesab edirəm ki, maliyyə naziri Milli Məclisin komitələrinin iclasında bu barədə kifayət qədər məlumat verdi. Azərbaycan ümumi daxili məhsula nisbətən az borcu olan 10 ölkədən biridir. Biz borclanmaya getməliyik. Qlobal dünyada yaşayırıq, borc almasaq, borc verməsək, bizi qəbul etməzlər. Bir manat pulumuz yox idi, indi Azərbaycan bir çox ölkəyə yüz milyonlarla kredit ayırır. Nəyin hesabına? Yaradılmış potensialın hesabına. Eyni zamanda, borc almaqla Azərbaycana yeni, ən müasir texnologiyaları gətiririk.
Vaxtınızı çox almaq istəmirəm, hesab edirəm ki, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi layihələrdə xarici borcun yuxarı həddinin obyektiv olaraq azalması müəyyən edilmişdir. Tamamilə haqlı olaraq Azərbaycan dövlətinin başçısının tapşırığı ilə ölkədə borclanma strategiyası hazırlanır. Bu strategiya o deməkdir ki, Azərbaycan hər cür borcu almayacaq. Təklif edənlər çox olacaq. Mütləq ekspertizadan keçiriləcək ki, nəyə və hansı məqsədə görə bu borclar alınır. Bu yaxınlarda da, Oqtay müəllim, çox sağ olun ki, bu qanunu Milli Məclis dəstəklədi. Lazım olmayan borclanmaya görə də məsuliyyət məsələsi artırılacaq. Bütövlükdə bunlar göstərir ki, Azərbaycan Respublikasının kifayət qədər imkanları var.
Mən pul-kredit siyasəti haqqında danışmaq istəmirəm. Qısaca bunu demək istəyirəm ki, müstəqilliyin ən çətin, ən ağır illərində dördrəqəmli inflyasiyaya qarşı Azərbaycan dövləti MDB məkanında birinci mübarizə apardı və qısa zaman kəsiyində dördrəqəmli inflyasiyanı minimal inflyasiyaya endirdi. Demək istəyirəm ki, bizdə böyük təcrübə var.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bank sektorunda olan problemlər ləng aradan qaldırılır. Bank sektorunun real sektora dəstəyi kifayət dərəcədə deyil. Bu saat aktivlər var, biz banklara inamı artırmalıyıq. Əhali ilə banklar arasında yaranmış problemlərin həllində konsensus olmalıdır. Ola bilməz ki, bir tərəf düz olsun, o biri tərəfdə heç bir şey olmasın. Dövlətin mənafeyi tələb edir, banklarla müştərilər arasında bir dialoq olmalıdır. Problemli kreditlərə, problemli borclara ümumi bir rəqəm kimi baxmamalıyıq. O borcların strukturu təhlil edilməlidir. Orada diferensiasiya aparmalıyıq. Mən hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti, Mərkəzi Bankda, palatada, digər strukturlarda kifayət qədər mütəxəssis var ki, biz bu inflyasiyanı minimala endirək. Bəzən deyirik ki, idxal qiymətləri artıb. İdxal qiymətləri digər respublikalarda da artıb, amma necə olur ki, onlarda inflyasiyanı saxlayırlar? Deməli, biz inflyasiya məsələsinə əvvəllər olduğu kimi daha sistemli yanaşmalıyıq.
Hörmətli Oqtay müəllim, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Biz komitələrdə büdcənin bütün parametrlərini müqayisəli şəkildə təhlil etmişik. Milli Məclisin komitələrində kifayət qədər professional müzakirələr aparıldı, mübahisə doğuran məsələlər də oldu. Amma mən bir məsələni demək istəyirəm. 2009-cu ildə Azərbaycan dövlətinin Konstitusiyasında, – bu məsələni də, hörmətli Ziyafət müəllim, demək istəyirdim, – çox ciddi dəyişiklik edildi. Bu dəyişikliyin mahiyyəti nədən ibarət idi? Bu dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatı qurur. Sosialyönümlü büdcə, sosialyönümlü bazar iqtisadiyyatı – bunlar müxtəlif şeylərdir. Sosialyönümlü bazar iqtisadiyyatı o deməkdir ki, biz sosial məsələlərin hamısını sərt bazar qanunlarına tabe edə bilmərik. Azərbaycan dövləti bu istiqamətdə konkret işlər aparır. Açılan məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya mərkəzləri, uşaq bağçaları – bütün bunlar Azərbaycan dövlətinin apardığı müsbət siyasətin nəticəsidir.
Amma eyni zamanda, biz iqtisadçı olaraq, millət vəkili olaraq, hökumət üzvü olaraq həmişə çalışmalıyıq ki, əhalinin pul gəlirləri ilə xərcləri arasındakı nisbəti araşdıraq. Pul gəlirlərinin və xərclərinin strukturunu təhlil eləyək və onların arasındakı optimal nisbəti təmin edək. Mən hesab edirəm ki, buna da nail olacağıq. Buna nail olmaqla biz Azərbaycanın sosial göstəricilərini daha da yaxşılaşdıra bilərik. Cənab Prezident bir neçə gün bundan qabaq çıxışında qeyd etdi: “Son 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla inamlı inkişaf edir. Bu gün Azərbaycan güclü ölkəyə çevrilmişdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”. Bu sözlər cənab Prezidentə aiddir.
Mən, eyni zamanda, demək istəyirəm ki, 2018-ci ildə Azərbaycan dövləti Xalq Cümhuriyyətinin 100 illiyini bayram edəcəkdir. 2018-ci ilin büdcəsi, eyni zamanda, bizim əldə etdiyimiz müstəqilliyin 100 illiyinin büdcəsidir. Qısaca hesablamalar apardıq. 2004-cü ildə Azərbaycanın büdcəsi 1,5 milyard manat idi, 2018-ci ildə 20 milyard manat olacaq. Mən əminəm ki, müzakirələr səmərəli keçəcək, kifayət qədər dəyərli çıxışlar olacaq. Başda hörmətli Artur Tahiroviç olmaqla, hökumət üzvləri bu təkliflərə qulaq asacaq, imkan daxilində onların düzəlməsinə nail olacaqlar. Allah sizləri qorusun! Millət vəkillərini bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim, ürəyiniz o qədər doludur ki, vaxtı da keçdiniz. Xahiş edirəm, reqlamentə diqqət eləyək. Hörmətli maliyyə naziri Samir Şərifova söz verilir. Buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2018-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Bugünkü 2018-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilmiş və Milli Məclisin plenar iclasına çıxarılması təklif olunmuşdur.
2018-ci il dövlət büdcəsinin layihəsi dünyada cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və həmçinin ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilləri əsasında hazırlanmışdır. 2018-ci il dövlət büdcəsinin layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018–2020-ci illər üçün makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ümumi daxili məhsulun 1,5 faizi, qeyri-neft ümumi daxili məhsulunun isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilmiş, dövlət və icmal büdcələrin gəlirlərinin hesablanması üçün bir barrel xam neftin satış qiyməti 45 ABŞ dolları səviyyəsində götürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və islahat tədbirlərinin nəticələri ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, o cümlədən manatın məzənnəsinin sabitləşdirilməsinə və ona olan inamın tədricən bərpa olunmasına cari ilin ötən dövrü ərzində, əsasən, nail olduğunu nümayiş etdirir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatındakı geriləmənin sürəti 3,9 faizbənddən 0,6 faizbəndədək azalmış, qeyri-neft sektoru üçünsə 2,5 faiz artmışdır. Həmçinin ticarət və tədiyyə balanslarının müsbət saldoya doğru meyilləri güclənmiş, dövlətin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyinin artırılması və qeyri-neft ixracının stimullaşdırılması hesabına xarici ticarət dövriyyəsində 4,4 milyard ABŞ dolları səviyyəsində müsbət saldo əldə edilmişdir.
Dövlətin valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ixrac üzrə xarici ticarət dövriyyəsindən ölkəyə valyuta axınının artması və digər fiskal və monetar tədbirlərin keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda ölkənin icmal büdcəsinin kəsiri 12 faiz-bənd daralaraq faktiki olaraq 1,2 faiz-bənd profisit əldə edilmişdir. Dövlət sektorunun məcmu valyuta ehtiyatları isə 4,5 milyard ABŞ dolları və ya 10 faizdən çox artmışdır. Eyni zamanda, cari ilin əvvəlindən başlayaraq milli valyutamız manatın məzənnəsi möhkəmlənərək ABŞ dollarına münasibətdə 10 faizdən artıq möhkəmlənmişdir.
Maliyyə intizamının möhkəmləndirilməsi, iri dövlət müəssisələrinin xərcləri və borcalmaları üzrə nəzarətin gücləndirilməsi, onların daxili və xarici kreditorlar qarşısında, həmçinin qarşılıqlı borcların azaldılması və restrukturizasiyası istiqamətində mühüm və təsirli addımlar atılmışdır.
Heydər Əliyevin neft strategiyasının təməlində duran Azəri–Çıraq–Günəşli yataqlarının 2050-ci ilədək birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə yeni sazişin dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla cari ilin sentyabrında imzalanması ölkə iqtisadiyyatına çox milyardlı investisiyalar gətirməklə yanaşı, onun yaşanmış iqtisadi çətinliklərə baxmayaraq, investisiya baxımından xarici və daxili investisiyalar üçün cəlbediciliyini bir daha təsdiq etmişdir.
Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinın istismara verilməsi, Cənub qaz dəhlizinə daxil transmilli layihələrin uğurla həyata keçirilməsi onu nümayiş etdirir ki, Azərbaycan ənənəvi olaraq investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə kimi qalmaqdadır.
Hörmətli millət vəkilləri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkədə qeyri-neft sektorunun davamlı və rəqabətli inkişafını, həmin sektorun ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasını, kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə stimullaşdırıcı vergi islahatlarının davam, azad rəqabət mühitinin isə inkişaf elətdirilməsini, investisiya qoyuluşunun təşviqinin genişləndirilməsini, dövlət büdcəsi xərclərinin sosial yönümlülüyünün təmin edilməsini 2018-ci ildə hökumətin prioritet vəzifələri kimi müəyyən etmişdir.
2018-ci ilin dövlət büdcəsi hazırlanarkən həmin vəzifələrin icrası ilə əlaqədar maliyyə təminatının yaradılması, bununla yanaşı, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, idman sektorlarının maddi-texniki bazasının daha da yaxşılaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin artırılması, beynəlxalq təşkilatlara üzvlük haqlarının və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə üstünlük verilmişdir.
İcazə verin, dövlət büdcəsinin əsas parametrləri barədə məlumatı təqdim edim. 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 3 milyard 361 milyon manat və deyildiyi kimi, 20 faiz çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsi gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşməklə cari illə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çox olacaqdır.
Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 907 milyon manat, cari illə müqayisədə 262 milyon manat və ya 3,4 faiz çox, Dövlət Gömrük Komitəsinin xətti ilə 2 milyard 430 milyon manat, cari illə müqayisədə 180 milyon manat və ya 8 faiz çox gəlir proqnozlaşdırılır. Dövlət Neft Fondundan bütövlükdə yönəldilən transfertlərin məbləği 2017-ci illə müqayisədə 4 milyard 384 milyon manat və ya 32,2 faiz az nəzərdə tutulur. Növbəti ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 milyon manat, sair mənbələrdən isə 106 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.
Eyni zamanda, hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim ki, manatın ABŞ dollarına nisbətən kəskin ucuzlaşması ölkəyə, əsasən, xaricdən idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının daxili bazarda qiymətlərinin artmasına, həmin mallara tətbiq olunan və dərəcələri manatla müəyyən edilmiş aksiz vergisinin azalmasına səbəb olmuşdur. Yuxarıdakıları nəzərə alaraq növbəti ildən ölkəyə idxal olunan alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin dərəcələrinin iki dəfəyədək artırılması nəzərdə tutulur.
Bununla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə müvafiq layihələr hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur. Bu dəyişikliklər 2018-ci il dövlət büdcəsinin layihəsinin tərtibi zamanı nəzərə alınmış və aksiz vergisi üzrə gözlənilən əlavə daxilolmalar növbəti ilin dövlət büdcəsinin gəlir hissəsində öz əksini tapmışdır. Hesab edirik ki, qeyd olunan dəyişikliklər daxili bazarın qorunmasına, xarici valyuta axınının qarşısının alınmasına və yerli istehsalın stimullaşdırılmasına xidmət edəcəkdir. Həmin qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarıldıqdan sonra aidiyyəti dövlət orqanları tərəfindən hörmətli millət vəkillərinə daha ətraflı məlumat veriləcək.
2018-ci il dövlət büdcəsinin xərcləri 20 milyard 906 milyon manat olmaqla cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox proqnozlaşdırılır. Növbəti il üçün müəyyən edilmiş ümumi daxili məhsulda büdcə xərclərinin xüsusi çəkisi cari illə müqayisədə 3,8 faiz artaraq 30,1 faiz səviyyəsinə çatdırılacaq. Dövlət büdcəsi xərclərinin 10 milyard 770 milyon manatı və ya 51,5 faizi cari xərclərə, 7 milyard 873 milyon manatı və ya 37,7 faizi əsaslı xərclərə, 2 milyard 263 milyon manatı və ya 10,8 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Göründüyü kimi, keçən illə müqayisədə dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 9,3 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi 7,6 faiz və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,7 faiz artmışdır. Növbəti ilin dövlət büdcəsindən sosialyönümlü xərclərə 7 milyard 656 milyon manat və xərclərin 36,6 faizi həcmində vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 609 milyon manat və ya 8,6 faiz çoxdur. Qeyd olunmalıdır ki, əhaliyə birbaşa və dolayısı ilə xidmət göstərən bir sıra dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan 650 milyon manat maliyyə yardımı və bəzi konkret tədbirlərin maliyyələşdirilməsi üzrə xərclər də sosialyönümlü xərclərə aid edilmişdir.
Funksional təsnifata uyğun olaraq elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və idman xərclərinin maliyyə təminatı üçün dövlət büdcəsi xərclərinin 25,7 faizi həcmində və ya 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 81 milyon manat və ya 1,5 faiz çoxdur.
Sosialyönümlü tədbirlərin tərkibində böyük xüsusi çəkiyə malik olan təhsil bölməsi üzrə xərclər üçün 2 milyard manat vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 210 milyon manat və ya 11,7 faiz çox deməkdir. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasını təmin etmək istiqamətində əvvəlki illərdə başlanmış işlərin növbəti ildə başa çatdırılması üçün 71 milyon manat vəsait proqnozlaşdırılıb. Növbəti ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün Dövlət Neft Fondunun büdcəsindən 16 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulub.
2017-ci il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində təbii qazın əhaliyə maya dəyərindən aşağı qiymətə satılması nəticəsində yaranan zərərin örtülməsi məqsədi ilə proqnozlaşdırılmış 250 milyon manat birdəfəlik təyinatlı xərc nəzərə alınmadan növbəti il üçün bu bölmə üzrə dövlət büdcəsi xərclərinin 10,5 faizi səviyyəsində olmaqla mütləq ifadədə 2 milyard 197 milyon manat təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 95 milyon manat və yaxud 4,5 faiz çoxdur.
Gələn il qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.
Növbəti ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işsizlikdən sığorta haqları üçün 17 milyon manat vəsait nəzərdə tutulmuşdur. Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədi ilə sosial mənzillərin tikintisi və ipoteka layihələrinin maliyyələşdirilməsi üçün 250 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 100 milyon manat və ya 66,7 faiz çox deməkdir.
Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə növbəti ilin dövlət büdcəsində 2017-ci ilə nisbətən 3,7 faiz çox vəsait nəzərdə tutulmuşdur. Məhkəmə hakimiyyəti və hüquq mühafizə orqanlarının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsindən 1 milyard 330 milyon manat vəsait ayrılacaqdır.
Qeyri-neft sektorunun əhəmiyyətli hissəsi olan kənd təsərrüfatının aparıcı sahələrinin, o cümlədən pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının daha da genişləndirilməsi, ərzaq və ekoloji təhlükəsizliyin daha da gücləndirilməsi üçün maliyyə təminatı növbəti ilin dövlət və icmal büdcələrində öz əksini tapmışdır. Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri üçün 656 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 139 milyon manat və ya 26,8 faiz çoxdur. İqtisadiyyatımızın bu sahəsi üzrə müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı ayrılan 299 milyon manat vəsaitin 199 milyon manatı ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclərə, 50 milyon manatı damazlıq heyvanların alınmasına, 20 milyon manatı pambıqçılığın və tütünçülüyün inkişafına dair dövlət proqramlarının maliyyələşdirilməsinə, 19 milyon manatı pambıq istehsalı ilə məşğul olanlara pambığın tədarükünə görə əlavə subsidiyanın verilməsinə, 11 milyon manatı kənd təsərrüfatında yeni texnika və texnologiyaların tətbiqi ilə bağlı xərclərə sərf ediləcəkdir.
Bununla yanaşı, növbəti ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, Dövlət Neft Fondunun büdcəsindən və xaricdən cəlb edilmiş kreditlər hesabına su ehtiyatları, irriqasiya, ekologiya və kənd təsərrüfatı sahələrinin inkişafına 470 milyon manat sərmayə qoyulacaqdır. Qeyri-neft məhsullarının ixracının təşviqi üçün gələn ilin dövlət büdcəsindən 15 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 50 faiz çox deməkdir.
2018-ci il üçün dövlət əsaslı vəsait qoyuluşu və investisiya xərclərinə 4 milyard 924 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari illə müqayisədə 2 milyard 232 milyon manat və ya 82,9 faiz çoxdur. Həmin vəsaitin müəyyən hissəsi dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrində Azərbaycan tərəfinin iştirak payının ödənilməsinə, müdafiə sənayesi müəssisələrinə hərbi təyinatlı məmulatların alınmasına, Dövlət Neft Şirkəti tərəfindən neft-qaz sahəsində bir sıra müstəsna əhəmiyyətə malik layihələrin həyata keçirilməsinə, həmçinin digər zəruri sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldiləcəkdir.
2018-ci ildə dövlət borclarına xidmətlə bağlı xərclərə, – əsas borc və faizlər üzrə xərclər nəzərdə tutulur, – 2 milyard 263 milyon manat vəsait sərf ediləcəkdir ki, bu da cari illə müqayisədə 621 milyon manat və ya 37,8 faiz çoxdur. Qeyd olunan artımın 442 milyon manatı və ya 71,2 faizi bilavasitə Beynəlxalq Bankın sağlamlaşdırılma tədbirləri çərçivəsində qəbul edilmiş könüllü restrukturizasiya planına uyğun olaraq dövlətin üzərinə keçmiş xarici kreditorlar qarşısında olan öhdəliklərinə xidmət olunması ilə bağlı xərclər təşkil edir.
Ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədi ilə daxili dövlət borclanmasının yuxarı həddi 700 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 4 milyard manat məbləğində müəyyən edilmişdir.
Növbəti ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 215 milyon manat, o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin, konsulluqlarının və ticarət nümayəndəliklərinin saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 115 milyon manat, beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqları üçün 48 milyon manat, beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqları üçün 22 milyon manat, digər beynəlxalq fəaliyyət və bu qəbildən olan tədbirlər üçün 30 milyon manat vəsait nəzərdə tutulur. 2018-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanılması üçün 3,4 milyon manat, xarici populyar televiziya şirkətləri vasitəsi ilə Azərbaycanın turizm imkanlarının təbliği üçün 3,5 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Bununla yanaşı, 2018-ci ildə dövlət tərəfindən bir sıra hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün maliyyə yardımı, ianələr və dotasiya şəklində cəm olaraq 143 milyon manat, o cümlədən bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurumlara və icmalara, siyasi partiyalara, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, gənclər, elmin inkişafı, bilik fondlarına, habelə yeni yaradılmış və fəaliyyətdə olan publik hüquqi şəxslərə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
2018-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çox deməkdir. Gələn il də xərclərini öz gəlirləri hesabına təmin edən 33 rayon və şəhərlər istisna olmaqla qalanların yerli xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan 74 milyon manat maliyyə yardımının, dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaqdır ki, bu da cari illə müqayisədə 0,2 faiz azdır. 2018ci ildə rayon və şəhərlərin yerli xərclərinə 724 min manat vəsait yönəldiləcəkdir ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur.
2018-ci il üçün dövlət büdcəsinin kəsiri 779 milyon manat və ya ümumi daxili məhsulun 1,1 faizi həcmində müəyyən edilmişdir ki, bu da cari illə müqayisədə 0,6 faiz-bənd azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi ənənəvi olaraq özəlləşdirmədən, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından, dövlət istiqraz vərəqlərinin satışından və xarici qrantlardan daxilolmalar hesabına həyata keçiriləcəkdir.
İcazə verin, icmal büdcənin əsas parametrləri barədə qısa məlumat verim. Azərbaycan Respublikasının 2018-ci il üçün icmal büdcəsinin gəlirləri 23 milyard 223 milyon manat proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 246 milyon manat və ya 1,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 26 milyard 674 milyon manat – cari illə müqayisədə 3 milyard 895 milyon manat və ya 12,7 faiz az nəzərdə tutulub.
İcmal büdcəyə daxil olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3 milyard 579 milyon manat təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 179 milyon manat və ya 5,3 faiz çoxdur. Fondun büdcəsində dövlət büdcəsinin öhdəliklərinə aid olan xərclərin maliyyə təminatı üçün 1 milyard 300 milyon manat və ya fondun ümumi xərclərinin 36,3 faizi həcmində vəsait proqnozlaşdırılmışdır.
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 10 milyard 676 milyon manat nəzərdə tutulur. Fondun xərcləri isə 11 milyard 987 milyon manat təşkil edəcəkdir ki, bu da 2017-ci illə müqayisədə 3 milyard 224 milyon manat və ya 21,2 faiz azdır. Dövlət Neft Fondunun büdcəsindən 2 milyard 771 milyon manat vəsait bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə, o cümlədən qaçqın və məcburi köçkünlərin mənzil və məskunlaşma şəraitinin həlli ilə bağlı tədbirlərə, Samur–Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin tamamlanması və istismara verilməsi ilə bağlı xərclərə, Dövlət Neft Şirkətinin xətti ilə həyata keçirilən bir sıra layihələrdə iştirak payının ödənilməsinə, habelə 2007–2015-ci illərdə gənclərin xaricdə təhsil almaları üçün xərclərə yönəldiləcəkdir.
Gələn il də xarici maliyyə institutlarından cəlb olunacaq 1 milyard 362 milyon manat kredit hesabına Bakı–Böyük Kəsik dəmir yolu xəttinin və infrastrukturunun təkmilləşdirilməsi və yenidən qurulması, Bakı–Gürcüstan və Bakı–İran İslam Respublikası istiqamətində magistral avtomobil yollarının, həmçinin rayonlararası avtomobil yollarının yenidən tikilməsi və genişləndirilməsi, ölkənin yaşayış məntəqələrinin su və kanalizasiya sistemləri ilə təchizatının yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli infrastruktur layihələrinin maliyyələşdirilməsi təmin ediləcəkdir.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 355 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 1,3 faiz çoxdur. 2018-ci il üçün icmal büdcənin kəsiri 3 milyard 451 milyon manat, 2017-ci illə müqayisədə 4 milyard 141 milyon manat və ya 54,5 faiz az proqnozlaşdırılır. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 4,5 faizi səviyyəsində proqnozlaşdırılır ki, bu da 2017-ci ilə nisbətən 5,7 faiz azdır.
Hörmətli millət vəkilləri, 2018-ci ilin dövlət büdcəsi mövcud iqtisadi reallıqlara söykənməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsinə, əsas dövlət və sosial vəzifələrin uğurla həyata keçirilməsinə və prioritet inkişaf hədəflərinə nail olunmasına maliyyə təminatını yaradacaqdır. Hörmətli millət vəkilləri, sizi bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2018-ci il üçün dövlət büdcəsi layihəsini və sonrakı 3 il üçün icmal büdcənin əsas göstəricilərini qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Buyursun Azərbaycan Respublikasının iqtisadiyyat naziri hörmətli Şahin Mustafayev.
Ş.Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirənizə təqdim olunan Azərbaycan Respublikasının 2018-ci il və sonrakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri dünya iqtisadiyyatının inkişaf meylləri, ölkənin sosial-iqtisadi inkişafı üzrə hazırkı mövcud çağırışlar, inkişaf konsepsiyaları və dövlət proqramları nəzərə alınmaqla hazırlanmışdır. Konsepsiyanın ali məqsədi mövcud imkan və resurslardan səmərəli istifadə etməklə dayanıqlı iqtisadi inkişafa və əhalinin layiqli həyat səviyyəsinə nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün ölkə başçısı tərəfindən qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə müəyyən edilmiş hədəf və prioritetlərdən irəli gələrək 2018–2021-ci illər üçün sosial-iqtisadi siyasətin aşağıdakı strateji məqsədləri müəyyən edilmişdir: fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin aparılması ilə makroiqtisadi sabitliyin təmin olunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, insan kapitalının inkişaf etdirilməsi, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi və sosialyönümlü siyasətin davamlığının təmin edilməsi.
Dövlət Neft Fondunun ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makrofiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatlarının sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanmışdır. Dünya iqtisadiyyatının artım templərinin sürətləndirilməsinin 2017-ci ildə də davam etməsi növbəti illərin proqnozlarının dinamikliyinə əsas yaratmışdır.
Belə ki, neft ixrac edən ölkələr arasındakı razılaşmalar onların inkişafına müsbət təsir etmiş, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatındakı sabitlik möhkəmlənmiş, region ölkələrində iqtisadi artım bərpa olunmuş, ortamüddətli dövrdə artımın saxlanması proqnozlaşdırılmışdır. Bununla belə, dünya iqtisadiyyatında ortamüddətl dövr üçün risklər hələ də qalmaqdadır. Bunlara birja əmtəələrinin qiymətinin aşağı düşməsi, inkişaf etmiş ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, qlobal fond birjasının indekslərinin sürətli artımı və geosiyasi riskləri aid etmək olar. Qeyd olunan proseslər, eləcə də neftin dünya bazar qiymətləri üzrə beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin 1 barelinin qiyməti 2018-ci il üçün 45, növbəti illər üçün 40 ABŞ dolları qəbul edilmişdir.
Hörmətli millət vəkilləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu bu il də davam etdirilmiş, Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq ötən dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, o cümlədən valyuta bazarının tarazlaşdırılması, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasətində və dövlət satınalmalarında idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Artıq neçə illərdir ki, aparılan bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətçilik hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 35-ci yerədək yüksəlmiş və 2009-cu ildən hazıra kimi MDB-də liderliyi qoruyub saxlamışdır. “Doing Business – 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləmiş, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olmuşdur.
Sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəl idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılmışdır. Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-nin 1,5 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz artacağı proqnozlaşdırılır.
Cari ildəki kimi növbəti ildə də tədiyyə balansının cari hesabının müsbət, 1,4 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. Gələn il hasilatın enməsi nəticəsində neft sektorunun 1 faiz azalacağı, neft-qaz hasilatının, xüsusilə “Şahdəniz” yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5 faizə yaxın artım gözlənilir. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri–Çıraq–Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni tarixi sazişin imzalanması Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.
Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 milyard, qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir. 2018-ci ildə dövlət investisiya xərcləri 4,9 milyard manat olmaqla, əsasən, ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən dəmir yollarının, magistral avtomobil yollarının, rayonlararası və kənd yollarının təmir-tikintisi və yenidən qurulması işlərinin aparılmasına, içməli su və kanalizasiya, qazlaşdırma, meliorasiya və su təsərrüfatı, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatlı layihələrin icrasına yönəldiləcəkdir.
Mühüm sosial əhəmiyyət kəsb edən və tikinti sektorunun inkişafına təkan verən ipoteka kreditləşdirilməsi növbəti illərdə genişləndiriləcək. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial mənzillərin tikintisi aztəminatlı və gənc ailələrin mənzil probleminin həllinə, həmçinin məşğulluğa töhfə verəcəkdir. Bu məqsədlər üçün 2018-ci il dövlət büdcəsində 250 milyon manat nəzərdə tutulmuşdur.
Ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Ümumilikdə 196 sahibkara 216 investisiya təşviqi sənədi verilmişdir. 8 iqtisadi rayonu əhatə edən layihələrə təqribən 1,8 milyard manat investisiya yatırılır. Bunun nəticəsində 13 mindən çox yeni iş yeri açılacaqdır. İnvestisiya təşviqi sənədi almış 100-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaqdır.
Hörmətli millət vəkilləri, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımı 2018-ci ildə 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı proqnozlaşdırılır. Qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sənayesi əhəmiyyətli rol oynayır. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlmiş, sənayenin aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, yeni sahələr yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmışdır.
Qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları və sənaye məhəllələri mühüm rol oynayır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrin ümumi dəyəri 1,8 milyard ABŞ dolları olan 13 müəssisəyə rezident statusu verilmişdir. Bunlardan 2 müəssisə artıq fəaliyyət göstərir, 4 müəssisə bu il, digər 5 müəssisə isə gələn ildən fəaliyyətə başlayacaqdır. Ümumilikdə bu yeni müəssisələrdə 1300-dən çox yeni iş yeri yaradılacaqdır. Hazırda bu müəssisələrin tikinti işlərinə 3 min nəfərə qədər işçi qüvvəsi cəlb edilmişdir.
Gələn il fəaliyyətə başlayacaq “SOCAR Polymer” zavodu xüsusi vurğulanmalıdır. Zavod kimya sənayesinə xammal təminatını gücləndirəcək, yüksək əlavə dəyər yaradan klasterin inkişafını təmin edəcəkdir. Bundan başqa, azot gübrəsi istehsal edəcək Karbamid zavodunun da 2018-ci ildə istifadəyə verilməsi və zavodda 500-ə yaxın yeni iş yerinin yaradılması, eləcə də əyirici-boya və şüşə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Qaradağ Sənaye Parkında Gəmiqayırma zavodu dünya səviyyəli sualtı qurğular inşa edən yeni texnologiyalı “Xankəndi” gəmisini istifadəyə vermişdir. Gəmi “Şahdəniz” yatağının ikinci mərhələsində istifadə olunacaqdır. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün 2 ədəd “Ro-Pax” tipli unikal gəmi və 2 ədəd neft tankerinin təhvil verilməsi planlaşdırılır.
Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı üzrə 5 müəssisə bu ilin birinci yarım ilində fəaliyyətə başlamışdır. Bu müəssisələrdə 4 yüzə yaxın yeni iş yeri yaradılmışdır. Bununla belə, sənaye parkında yeni istehsal sahələrinin yaradılması üzrə işlər aparılır.
Yerli əczaçılıq sənayesinin təşkili məqsədi ilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm”, “Caspian Pharmed” dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Mingəçevir Sənaye Parkında 9 fabrikin yaradılması ilə 150–200 milyon dollar investisiya qoyuluşu həyata keçiriləcək və 5 mindən çox yeni iş yeri açılacaqdır. Artıq “Mingəçevir Tekstil” tərəfindən dəyəri 46 milyon dollar olan fabrikin tikintisinə başlanmışdır. 2018-ci ilin birinci rübündə istismara veriləcək müəssisədə 550-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Neftçala Sənaye Məhəlləsində 6 müəssisə fəaliyyətə başlamış, 3 müəssisənin isə gələn ilin əvvəllərində fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulacaq, 480-ə yaxın yeni iş yeri açılacaqdır.
Masallı Sənaye Məhəlləsinin tikintisi cari ilin sonunadək başa çatdırılacaq, 30-dan çox layihə gələn il reallaşacaqdır. Bundan başqa, Hacıqabulda, Sabirabadda sənaye məhəllələrinin yaradılması istiqamətində işlərə başlanılmışdır.
Ölkədə xalçaçılıq sahəsinin inkişaf etdirilməsi məqsədi ilə istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir. Belə ki, Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilmiş, 6 rayonda müəssisələr istismara tam hazır vəziyyətə gətirilmiş, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaqdır. 2018-ci ildə 10 yeni müəssisənin tikintisinə başlanılacaqdır. Xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda yunəyirici boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanması və 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi nəzərdə tutulur. Görülən tədbirləri nəzərə alaraq 2018–2021-ci illərdə qeyri-neft sənayesi üzrə orta hesabla illik artım 7,3 faiz proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2018-ci ildə 6,2 faiz, növbəti 3 ildə orta hesabla 6 faiz artım gözlənilir. Bildiyiniz kimi, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilən fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanı yaradılır, subsidiyalar verilir.
Aqrar sektorun inkişafında aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Xaçmaz, Şəmkir, Cəlilabad aqroparklarında birinci mərhələ üzrə işlər başa çatdırılmışdır. Məlumat üçün bildirirəm ki, 26 rayonda 178 min hektar ərazidə 40 aqroparkın yaradılması təşviq olunur və 76 min hektar ərazidə 14 aqropark üzrə müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına başlanılmışdır. Aqroparklarda infrastruktur layihələrin həyata keçirilməsi üçün 133 milyon manat dövlət investisiyası və 86 milyon manat Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri olmaqla ümumilikdə 219 milyon manat vəsait ayrılmışdır.
Aqrar sahənin inkişafında mühüm rol oynayan meliorasiya və irriqasiya layihələrinin icrası ilə cari ilin sonuna 150 min hektara yaxın yeni suvarılan torpaqlar istifadəyə veriləcək. Bu işlər növbəti illərdə də davam etdiriləcəkdir. Belə ki, gələn il dövlət investisiyaları hesabına Sabirabad rayonundakı Haş kanalının yenidən qurulması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, respublikanın 38 rayonunu əhatə edən 249 yaşayış məntəqəsində 300 ədəd subartezian quyusunun qazılması, Neftçala magistral kanalının tikintisi işləri başa çatdırılacaq, Şəmkir maşın kanalının ikinci növbəsinin, Yuxarı Mil, Hacıqabul və Abşeron magistral kanallarının və digər mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi davam etdiriləcəkdir. Bununla yanaşı, növbəti illərdə də dövlət investisiyaları hesabına özəl istehsal və emal sahələrində infrastrukturun yaradılması, kənd təsərrüfatı texnikasının alınması və digər dövlət dəstəyi tədbirləri davam etdiriləcəkdir.
Hörmətli millət vəkilləri, qeyri-neft sektorunda xüsusi paya malik olan xidmətlər sektorunda 2018-ci ildə artım 2,7 faiz, növbəti illərdə 3 faizdən yuxarı proqnozlaşdırılır. Turizm sektoru üzrə ən yüksək səviyyəli və müasir standartlara uyğun yaradılmış infrastruktur bu sahənin inkişafı üçün münbit şərait yaratmışdır. Son illərdə bir çox beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi, vizaların verilməsinin sadələşdirilməsi xarici vətəndaşların Azərbaycana marağını daha da artırmış və nəticədə qısa müddət ərzində turistlərin ölkəyə axını əhəmiyyətli dərəcədə artmışdır. Qeyd edilənləri nəzərə alaraq turizm sektorunun 2018-ci ildə 6,6 faiz, növbəti 3 ildə isə orta hesabla 6 faizdən çox artacağı proqnozlaşdırılır.
İnformasiya və rabitə sektorunda 2018-ci ildə 5,1 faiz, növbəti illərdə isə orta hesabla 6 faizə yaxın artım gözlənilir. Növbəti illərdə İKT xidmətlərinin keyfiyyətinin və onlara çıxış imkanlarının və ölkənin tranzit informasiya potensialının artırılması üzrə tədbirlər həyata keçiriləcəkdir. Yüksək Texnologiyalar Parkı konsepsiyası çərçivəsində innovasiya mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.
Böyük potensiala malik olan nəqliyyat sektorunda Şərq–Qərb, Şimal–Cənub dəhlizlərinin Azərbaycan hissəsində beynəlxalq yük axınlarının artırılması üçün daşıma xərclərinin azaldılması, idxal-ixrac əməliyyatları və tranzit daşımaları üzrə sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurunun sadələşdirilməsi tədbirləri davam etdiriləcəkdir. Bu tədbirlərin nəticəsində bu ilin 9 ayında ölkə ərazisindən 7,7 milyon ton yük daşınmışdır. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 19 faiz, qeyri-neft məhsullarında isə 21 faiz artım əldə olunmuşdur.
Hörmətli millət vəkilləri, Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı, sözsüz ki, tarixi hadisədir. Bu marşrutla Azərbaycan ərazisindən keçməklə daşınacaq yüklərin həcmi əhəmiyyətli dərəcədə artacaqdır. Şimal–Cənub nəqliyyat dəhlizi Azərbaycanın tranzit potensialının artırılması üçün yeni imkanlar yaradacaqdır. Dəhliz vasitəsi ilə yükdaşımaların digər marşrutlarla müqayisədə əsas üstünlüyü çatdırma müddətinin və məsafənin 2–3 dəfə az olmasıdır ki, nəticədə ölkə ərazisindən keçməklə beynəlxalq tranzit yük və sərnişin daşıma həcmlərinin və nəqliyyat gəlirlərinin artması gözlənilir.
Bununla yanaşı, yol infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə Gəncədən Gürcüstan Respublikası ilə dövlət sərhədinə gedən avtomobil yolunun 4 zolağa genişləndirilməsi işlərinə başlanması, Ələt-Astara magistral avtomobil yolunun tikintisinin başa çatdırılması, 51 rayona xidmət edən, ümumi uzunluğu 1100 kilometr olan kənd yollarının təmir-tikintis və yenidən qurulması, Abşeron yarımadasının, xüsusilə Bakı qəsəbələrinin dəmir yolu xətlərinin, stansiyalarının və avtomobil yollarının əsaslı təmiri, yenidən tikintisi işləri həyata keçiriləcəkdir. Ölkənin tranzit potensialının artırılmasında xüsus rola malik olan Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi 2018-ci ilin birinci yarımilliyində başa çatdırılacaq, limanın ərazisi daxil olmaqla xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər mərhələlərlə həyata keçiriləcəkdir. Nəqliyyat sektorunda gələn il neft ixracının azalması fonunda 2,5 faiz, növbəti 3 ildə isə orta illik 5 faizdən yuxarı artım gözlənilir.
Hörmətli millət vəkilləri, ölkə başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı verilən qərarlar və görülən sistemli tədbirlər iqtisadiyyatın dayanıqlı inkişafı baxımından strateji xarakter daşıyır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonrakı 24 ay ərzində vergi yoxlamaları istisna olmaqla, cəmi 127 yoxlama keçirilmişdir. Yoxlamaların dayandırılmasından əvvəlki 24 ay ərzində isə bu say 117 mindən çox olmuşdur. Bu müsbət təcrübə nəzərə alınaraq ölkə başçısı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalar növbəti dəfə 2021-ci il 1 yanvar tarixinədək dayandırılmışdır.
Lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması nəticəsində İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində cari ilin ötən dövrü ərzində 4700-ə yaxın müddətsiz lisenziyalar verilmişdir. Sahibkarlığa dövlət dəstəyi çərçivəsində gələn il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tamamilə geri qaytarılan vəsaitlər hesabına 130 milyon manatdan çox güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanınması və ixrac təşviqinin ödənilməsi mexanizmi çərçivəsində genişmiqyaslı dövlət dəstəyi tədbirləri həyata keçirilməkdədir. Xarici ölkələrdə ölkəmizin və ixracatçıların maraqlarının qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirlikləri səfirliklərində, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Polşa səfirliyində ticarət nümayəndələri təyin edilmiş, ticarət evlərinin yaradılmasına başlanılmışdır. Türkiyə ilə əldə edilmiş razılaşmaya əsasən Naxçıvanda istehsal olunan ümumi dəyəri 120 milyon ABŞ dollarından çox sənaye və kənd təsərrüfatı məhsulları vergi və rüsumsuz Türkiyəyə ixrac olunacaqdır.
Aparılmış kompleks tədbirlər nəticəsində ötən ilin 9 ayı ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 27 faiz, o cümlədən kənd təsərrüfatı və emal məhsullarının ixracı 33 faiz, sənaye məhsullarının ixracı isə 22 faiz artmışdır. Bu tədbirlər növbəti illərdə də davam etdiriləcək və qeyri-neft məhsullarının yüksək templə artmasına şərait yaradılacaqdır.
Hörmətli millət vəkilləri, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq qarşıdakı illərdə də vətəndaşlarımızın həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi başlıca məqsəd olacaqdır. Məşğulluğun təmin edilməsi məqsədi ilə yeni məşğulluq strategiyası qəbul ediləcək, işsizlikdən icbari sığorta sistemi tətbiq ediləcəkdir. Özünəməşğulluq proqramının icrası daha da genişləndiriləcəkdir. Ölkə başçısının tapşırığına əsasən nəzərdə tutulan bütün sosial layihələrin icrası təmin ediləcəkdir.
Belə ki, Qazax, Qobustan, Quba, Goranboy, Şəmkir rayon və Naftalan şəhər mərkəzi xəstəxanaları və digər sənaye müəssisələrinin, habelə əlillərin 5 bərpa mərkəzinin təmir-tikintisi başa çatdırılacaq, məktəblərin, uşaq bağçalarının təmir-tikintisi, eləcə də Təhsil Nazirliyinin iki illik proqramı üzrə bölgələrdə qəzalı məktəblərin yenidən qurulması, modul tipli məktəblərin quraşdırılması işləri davam etdiriləcəkdir. Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Bununla yanaşı, əhaliyə yüksək xidmət göstərilməsi məqsədi ilə Quba və Mingəçevirdə “ASAN xidmət”, Şəki və İmişlidə “ASAN həyat” kompleksləri əhalinin istifadəsinə veriləcək, həmçinin Salyan, Şamaxı və Tovuzda regional “ASAN xidmət” komplekslərinin tikintisinə başlanılacaqdır.
2018-ci ildə əhalinin gəlirləri 55,4 milyard manat, orta aylıq əmək haqqı 549,7 manat, ölkə üzrə inflyasiya proqnozları nəzərə alınaraq yaşayış minimumu 173 manat proqnozlaşdırılır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bütün qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar əvvəlki illərdə yaradılmış iqtisadi potensiala söykənərək növbəti ildə iqtisadi artımın bərpasını və uzunmüddətli dövrdə iqtisadiyyatın davamlı inkişafını təmin etməklə əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu islahatların reallaşdırılması üçün zəruri qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsinə göstərdiyiniz davamlı dəstəyə görə, cənab Sədr, Sizə və millət vəkillərinə öz minnətdarlığımı bildirir və sizi büdcə zərfində təqdim edilmiş layihələrə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Şahin müəllim. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, buyurun.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən həmkarlarım 2018-ci il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələrini təqdim etdilər. Bu sənədlər ortamüddətli dövrdə Azərbaycan hökumətinin əsas taktiki və strateji siyasət prioritetlərini özündə əks etdirir. İqtisadi inkişafın sürətləndirilməsi, onun nəticələrinin cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürülməsinin təmin edilməsi və bu əsasda sosial siyasətin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən yeni strateji inkişaf kursunun tələblərinə tam uyğundur.
Özülü ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 3 beşillikdə möhtərəm Prezident tərəfindən təmin edilən möhkəm ictimai-siyasi sabitlik və təhlükəsizlik, həyata keçirilən uğurlu daxili və xarici siyasət, Azərbaycanın günü-gündən yüksələn beynəlxalq nüfuzu və gücü, yaradılmış möhkəm iqtisadi potensial deməyə imkan verir ki, qarşıya qoyulan bu məqsəd və hədəflər tam şəkildə reallaşdırılacaq. Ortamüddətli dövrə nəzərdə tutulmuş sosial-iqtisad inkişaf proqramının həyata keçirilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi sabitliyin təmin edilməsindən, monetar, fiskal, struktur siyasətinin optimal əlaqələndirilməsindən və qarşılılıq fəaliyyətindən asılıdır.
Mən öz çıxışımda məhz bu problemlərə toxunmaq istərdim. Bundan öncə isə milli iqtisadiyyatda cari ildə formalaşan və növbəti dövr üçün özül rolunu oynayan makroiqtisadi prosesləri sizinlə bölüşmək istərdim. Fikrimcə, 2017-ci il iqtisadi quruculuq tariximizdə milli iqtisadiyyatın neftin yeni qiymətlərinə əsasən uyğunlaşması, makroiqtisadi sabitliyin bərqərar olması, postneft dövrünə keçidin başlanması ilə yadda qalacaqdır. Maliyyə Sabitliyi Şurası tərəfindən formalaşdırılan makroiqtisadi sabitlik çərçivəsi, mühüm siyasət istiqamətlərinin sırf koordinasiyası artıq cari ilin birinci rübündə ilk nəticələrin əldə olunmasına və sonrakı dövrdə onların inkişaf etdirilməsinə şərait yaratmışdır.
Qarşıda duran vəzifə mürəkkəb idi. Neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ümumi məhsulun 50 faizindən çox həcmdə ixrac gəlirinin itirilməsi istənilən iqtisadi sistem üçün çox ciddi çağırışdır. Baş verən xarici şok milli iqtisadiyyatın sabitliyi və orta və uzunmüddətli dövrə dayanıqlılığı üçün olduqca ciddi risklər yaratmışdır. Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, ilk növbədə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid xarici məzənnə balansının tarazlaşmasına şərait yaratmışdır.
Tədiyyə balansında profisit cari ildə bərpa olunmuşdur. Tədiyyə balansının cari əməliyyatlar hesabında 2016-cı ildə 1,4 milyard dollarlıq kəsir olmuşdusa, cari ilin 9 ayında 1,1 milyard dollarlıq profisit qeydə alınmışdır. Təbii ki, tədiyyə balansının yaxşılaşdırılmasında neftin artan dünya qiyməti də rol oynamışdır. Lakin tədiyyə balansındakı yaxşılaşma yalnız neftin qiyməti ilə əlaqədar deyil. İllik idxalın həcmi pik ili ilə müqayisədə iki dəfədən çox azalaraq 2017-ci ildə 6,5 milyon dollar səviyyəsində gözlənilir.
İdxalın azalmasına paralel olaraq qeyri-neft ixracının güclənməsi tədiyyə balansına müsbət təsir edir. Qeyri-neft idxalı 9 ayda təqribən 31 faiz artmışdır. Ticarət balansı ilə yanaşı, xidmət balansında da pozitiv meyllər müşahidə edilir. Turizm xidmətlərində isə artıq müsbət saldo yaranmışdır. Nəticədə cari ildə strateji ehtiyatlar təxminən 12 faiz, Mərkəzi Bankın ehtiyatları isə 31 faiz artaraq 42 milyon ABŞ dollarını ötüb keçmişdir.
Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşmişdir. Milli valyutamız manat ilin əvvəlindən 4 faiz, fevral ayının sonundan isə 11,5 faiz möhkəmlənmişdir. Son 9 ay ərzində milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olmuşdur. Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan yaranan yeni ixrac istiqamətlərinin və investisiyaların destimulyasiyası və rəqabət qabiliyyətinin aşağı düşməsini, makroiqtisadi baxımdan isə tədiyyə balansının pisləşməsi, idxalın artması, xarici yen şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadə həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkinə nisbətən 3 dəfə azalmış və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilmişdir.
2017-ci ildə monetar şərait, əsasən, fiskal və bank sektorunun likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşmışdır. 2017-ci ilin ötən dövründə manatla pul bazası 11 faizdən çox artmış, qeyri-neft sektorunda iqtisadi artım isə son 10 ayda 2,1 faiz təşkil etmişdir. Belə bir vəziyyətdə bəzən ekspert icmasından iqtisadiyyatda pulun çatışmazlığı və bunun makroiqtisadi artıma mənfi təsir göstərməsi barədə fikirlər eşidilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün kifayət qədər pul verir. Digər tərəfdən, hazırda bank aktivlərinin təqribən 20 faizindən çoxunu likvid aktivlər təşkil edir və biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə sterilizasiya alətlərini daim aktiv saxlayır və cari ildə bizə kreditlərin verilməsi ilə əlaqədar heç bir müraciət olmamışdır. Lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir. İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təqribən 3 dəfə üstələmişdir.
Mərkəzi Bank konservativ antiinflyasiya xarakterli pul siyasəti yeridir. İnflyasiyanın faktiki səviyyəsini nəzərə alaraq milli valyutada yığımları dəstəkləmək üçün bank cari ildə uçot dərəcəsini dəyişməmişdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin on ayında ortaillik inflyasiya 13,7 faiz təşkil etmişdir. Qeyd olunan monetar şərait çərçivəsində bunun başlıca səbəbləri, fikrimizcə, xərc inflyasiyası ilə bağlıdır. Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri altında dəyişmişdir. Aparılmış təhlillər göstərir ki, inflyasiyanı, əsasən, qeyri-monetar amillər şərtləndirir. İnflyasiyanın xarici amilləri dəyişkən və dinamik olaraq qalır.
Son aylar bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yenidən yüksəlməsi inflyasiyanın azalmasına mane olmuşdur. Hörmətli Ziyad Səmədzadə qeyd etdi ki, inflyasiya səviyyəsi başqa ölkələrdən aşağıdır. Ona cavab olaraq deyə bilərəm ki, Ziyad müəllim, Azərbaycan və bütövlükdə digər ölkələr iqtisadi siklin başqa-başqa mərhələlərindədir və valyuta korreksiyasi, inflyasiyanın yüksəlməsi başqa bir fazadadır. Qonşu ölkələr bu fazada deyillər. Ona görə də inflyasiya gözləntiləri və bununla əlaqədar olaraq inflyasiya idxalı... Biz bilirik ki, dünyada ərzağın qiymətləri əhəmiyyətli dərəcədə artıbdır. Analiz göstərir ki, bu təkcə bitkiçilik məhsulları üzrə deyil, həm də heyvandarlıq məhsulları üzrə baş vermişdir. Belə bir şəraitdə bu il də inflyasiyanın yüksək olduğu proqnozlaşdırılırdı. Bütövlükdə xarici və daxili şərtlərdə milli iqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatmış, büdcə məqsədləri üçün istifadə edilən neft gəlirlərinin səviyyəsi optimallaşdırılmış, strateji valyuta ehtiyatlarına düşən təzyiq azaldılmış, milli valyutanın xarici dəyəri, məzənnəsi sabitləşmiş, ölkədə makroiqtisadi sabitlik və dayanıqlılığın ilkin əsasları yaradılmışdır.
Bu gün müzakirəyə çıxarılan 2018-ci il dövlət büdcəsi layihəsi və sosial-iqtisadi hədəflər cari ildə gedən müsbət makroiqtisadi proseslər və növbəti ilin makroiqtisadi proqnozları nəzərə alınmaqla hazırlanmışdır. Ümumilikdə proqnozlar 2017-ci ilə nisbətən daha nikbin ssenariyə əsaslanır. Neftin bir barrelinin 45 dollar qiyməti, məzənnə sabitliyi, 6 faiz ətrafında ortaillik inflyasiya bu ssenarinin baza şərtləridir. Büdcə xərclərinin, ilk növbədə investisiya xərclərinin artımı iqtisadi artımı stimullaşdırmaq kontekstində müsbət qiymətləndirilməlidir. Proqnozlaşdırılan neft qiymətlərində tədiyyə balansının cari hesabı gələn ilə tarazlıdır.
Dövlət Neft Fonduna transfertlər isə bəzi metodoloji nüanslar nəzərə alınmaqla, demək olar ki, cari il səviyyəsindədir. Formalaşan makroiqtisadi sabitlik çərçivəsi realistikdir.
2018-ci ildə Azərbaycan Mərkəzi Bankı hansı əsas problemlərə diqqəti yönəldəcəkdir? Dayanıqlı iqtisadi artıma şərait yaratmaq üçün makroiqtisadi sabitliyin qorunması 2018-ci il üçün də qarşıda duran başlıca vəzifədir. 2018-ci ildə inflyasiya üzrə proqnozlaşdırılan 6 faiz səviyyəyə nail olmaq üçün Azərbaycan hökuməti və Mərkəzi Bank tərəfindən sırf koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcəkdir.
Büdcə siyasətində nisbətən yumşalmanı nəzərə alaraq Mərkəzi Bank 2018-ci ildə konservativ monetar siyasət yürüdəcək və monetar şəraitin yumşaldılmasını inflyasiyanın aşağı salınmasının nəticələri ilə sıx əlaqələndirəcəkdir. Hesab edirik ki, növbəti ildə dövlət iqtisadiyyatının, xüsusilə də fiskal sektorun pula olan tələbatından asılı olaraq pul təklifinin həcmi inflyasiya təzyiqləri prosesləri nəzərə alınmaqla tənzimlənməli, izafi pul emissiyasına yol verilməməlidir. Məzənnənin volatilliyinin aşağı salınması və sabitliyinin dayanıqlığı 2018-ci ildə də diqqət mərkəzində olacaqdır. Sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə də valyuta bazarında sabitlik qorunacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, proqnozlaşdırılan neft qiymətləri çərçivəsində ölkənin tədiyyə balansının cari hesabı tarazlıdır, valyuta bazarında tələb və təklif arasında tarazlığı, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır.
2018-ci ildə də makroiqtisadi siyasət qərarları Maliyyə Sabitliyi Şurası çərçivəsində sırf koordinasiya ediləcəkdir. Əgər ortamüddətli dövrə nəzər salsaq, başlıca vəzifə olaraq iqtisadi artımın daha da sürətləndirilməsi və bu əsasda daha yüksək həyat standartlarının təmin olunması başlıca vəzifə olaraq qalır. Bu məqsədlərin reallaşdırılmasının 3 əsas baza şərti var: birinci, effektli iqtisadi, o cümlədən də ilk növbədə makroiqtisadiyyatın yürüdülməsi; ikinci, yeni nəsil struktur islahatlarının təmin olunması; üçüncü, insan kapitalının qabaqlayıcı inkişafı. Bu məqsədlərin reallaşdırılması daha dərin makroiqtisadi manevr, stabilləşdirici makroiqtisadi siyasətdən tədricən stimullaşdırıcı makroiqtisadi siyasətə keçidi tələb edir.
Stimullaşdırıcı makroiqtisadi siyasət çərçivəsində ilk növbədə aşağı inflyasiya təmin edilməlidir. İnflyasiyanın təsir imkanlarını artırmaq üçün Mərkəzi Bank bu siyasətin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini gücləndirir. Pul bazarının aktivləşdirilməsi və inflyasiyanın bu bazarda formalaşan qısa müddətli faizlərlə idarə edilməsi optimal pul siyasəti rejiminə keçidin həlledici mərhələsini təşkil edir. Bunu nəzərə alaraq növbəti ildə Mərkəzi Bank tərəfindən hazırlanan və Maliyyə Sabitliyi Şurasında təsdiq olunan Pul bazarlarının inkişaf proqramı üzrə tədbirlər aidiyyəti qurumlarla birlikdə həyata keçiriləcəkdir.
Stimullaşdırıcı büdcə-vergi siyasəti çərçivəsində son dövrdə büdcə sisteminin makroiqtisadi dayanıqlığının artırılması, maliyyə risklərinin azaldılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bu baxımdan hazırlanan fiskal qaydaların, borc strategiyasının və ortamüddətli xərc strategiyasının qəbul edilməsi və tətbiqi orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığı təmin edəcəkdir. Lakin digər tərəfdən büdcənin xərc istiqamətlərinə yenidən baxılmalı, bu xərclərin passiv istiqamətlərdən insan kapitalının inkişafını dəstəkləyən istiqamətlərə yönəldilməsi təmin edilmişdir. Bu çox mühüm beynəlxalq trenddir və biz bunu nəzərə almalıyıq.
Maliyyə bank sektorunun iqtisadi artımın maliyyələşdirilməsində rolu bərpa olunmalı və gücləndirilməlidir. Bank sistemində restrukturizasiya prosesi tamamlanmalı, problemli aktivlər problemi həll olunmalı və bankların kapitalizasiyası istiqamətində görülən tədbirlər davam etdirilməlidir.
Mərkəzi Bank müasir dövrdə sürətlə populyarlaşan virtual “kriptovalyuta” və “blokçeyn” texnologiyalarından istifadə problemlərini və bu sahədə beynəlxalq təcrübəni də diqqətlə izləyir. “Kriptovalyuta” problemi ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir. Fikrimcə, “kriptovalyuta” paralel valyuta, paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir. “Blokçeyn” texnologiyalarına gəldikdə isə biz hesab edirik ki, bu, olduqca qabaqcıl bir texnologiyadır və yaxın beşillikdə maliyyə sektoru, real sektor və dövlət idarəetmə sistemi də daxil olmaqla bütün sahələrdə ciddi dəyişikliklərə gətirib çıxaracaq. Mərkəzi Bank “blokçeyn” texnologiyalarının uğur qazanmasına onun həm maliyyə-bank sektorunda, həm də əlaqədar qurumlarla bir yerdə əhaliyə dövlət xidməti göstərməsinə yardım edəcəkdir. Bu istiqamətdə biz artıq təcrübəsi olan dünyanın məsləhətçi şirkətləri ilə danışıqlara başlamışıq. İlk addımda biz blokçeynin dayanıqlı və hüquqi infrastrukturunu yaratmalı və sonra onun texnoloji tətbiqinə keçməliyik.
Hörmətli cənab Sədr, bir daha əminliyimi bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni dövrün çağırışlarına adekvat cavab veriləcək və iqtisadi quruculuq sahəsində orta müddətli dövrdə qarşıda duran bütün məqsədlərə nail olunacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. İndi Hesablama Palatasının sədri hörmətli Vüqar Gülməmmədov buyursun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Növbəti ilin dövlət büdcəsinin layihəsi, həmçinin makroiqtisadi vəziyyəti xarakterizə edən parametrlər barədə məndən əvvəl natiqlər çox geniş məlumat verdilər. İstərdim ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müzakirə olunan qanun layihəsi və onun birlikdə təqdim edilən sənədlərə dair Hesablama Palatasının öz səlahiyyətləri çərçivəsində hazırladığı rəyi sizə təqdim edim.
İlk olaraq qanun layihəsinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu barədə deyim. Bildiyiniz kimi, növbəti il üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilər “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsi ilə müəyyən olunur. Bu maddənin tələblərinə uyğun olaraq qanun layihəsində gəlirlərin və xərclərin ümumi məbləği, həmçinin mədaxil mənbələri üzrə gəlirlərin məbləği, o cümlədən mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilməlidir.
Qanun layihəsində funksional təsnifatın bölmə və köməkçi bölməsi səviyyəsində xərclərin məbləği göstərilmiş, qrant və transfertlərin, həmçinin Naxçıvan Muxtar Respublikasına və bələdiyyələrə dotasiyaların məbləği müvafiq qaydada əks etdirilmişdir. Qanunun tələblərinə uyğun olaraq, həmçinin layihədə daxili və xarici dövlət borcu üzrə əsas borc və faiz ödənişlərinə, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə nəzərdə tutulmuş vəsaitin məbləği göstərilmişdir. Daxili və xarici borclanmasına il ərzində veriləcək zəmanətlərin yuxarı məbləğinin həddi mövcud tələblərə müvafiq olaraq layihədə əks etdirilmişdir. Qeyd edim ki, müzakirəyə təqdim olunan qanun layihəsində ehtiyat fondlarının müəyyən edilmiş məbləğləri “Büdcə sistemi haqqında” Qanunda tələb olunan hədd daxilindədir.
Qanun layihəsində büdcə kəsiri və kəsirin maliyyələşməsi mənbələri də əks etdirilmişdir. Diqqətə çatdırmaq istərdim ki, 2017-ci illə müqayisədə büdcə kəsirinin təqribən üçdə biri qədər az proqnozlaşdırılması növbəti ildə dövlət büdcəsinin gəlirlərinin xərclərlə müqayisədə daha nəzərəçarpacaq templə proqnozlaşması ilə bağlıdır.
“Büdcə sistemi haqqında” Qanunun tələblərinə əsasən layihədə müdafiə olunan xərc maddələrinin ilk növbədə maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq qanun layihəsində Dövlət Neft Fondunun gəliri nəzərə alınmadan 2018-ci il icmal büdcənin kəsiri, xərclərin yuxarı hədləri və məbləğləri göstərilmişdir.
Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanunda büdcə ssudalarının ümumi məbləği, həmçinin dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddinin göstərilməsi ilə bağlı tələblər təsbit edilmişdir. Qeyd edim ki, qanun layihəsi və büdcə zərfi ilə birgə təqdim edilmiş məlumatlara görə növbəti ildə bu istiqamətlərdə xərc nəzərdə tutulmamışdır. Beləliklə, ümumiləşdirmə apararaq dövlət büdcəsi ilə bağlı təqdim edilmiş qanun layihəsinin müəyyən edilmiş zaman çərçivəsində qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulamaq istərdim.
“Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsi dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədləri də müəyyən edir. Diqqətə çatdırmaq istərdim ki, müzakirəyə təqdim edilmiş büdcə zərfinə daxil olan sənəd və məlumatlar qanunun bu maddəsinə uyğundur.
Hörmətli millət vəkilləri, Milli Məclisin ayrı-ayrı komitələrində aparılan müzakirələrdə Hesablama Palatasının müxtəlif istiqamətlər üzrə nəticə və tövsiyələri səsləndirilmişdir. Bunları nəzərə alaraq mən bir neçə istiqamətdə rəydə əks etdirilmiş nəticələri diqqətinizə çatdırmaq istərdim.
Büdcə zərfinə daxil edilən mühüm sənədlərdən biri də büdcə-vergi siyasəti ilə bağlıdır. Büdcə-vergi siyasətində iki mühüm hədəf üzərində dayanmaq istərdim. Makroiqtisadi sabitliyin qorunması məqsədi ilə büdcə xərclərinin bu proqramın parametrlərinə uyğun həddə tənzimlənməsi hədəfi 2017-ci ildən büdcə zərfinə daxil edilir. Müəyyən edilən bu hədəfin reallaşdırılması fiskal və monetar siyasətin koordinasiyası və makroiqtisadi tarazlığın təmin edilməsinə xidmət edəcəkdir. Son nəticədə isə makroiqtisadi sabitliyin bərqərar olunmasına şərait yaranacaq ki, bu da dövlət maliyyəsinin ilk funksiyası kimi qəbul edilir.
Növbəti il üçün iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritələrinin, dövlət proqram və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yeni dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinin təmin edilməsi ilə bağlı hədəf də müəyyən olunmuşdur. Bu hədəf ölkədə dövlət maliyyəsinin idarə edilməsinin növbəti mərhələsinin icrasına başlanılmasından xəbər verir və onun reallaşdırılması islahatların yeni mərhələsi kimi qəbul edilməklə fiskal intizamın təmin edilməsində və son nəticədə büdcə parametrlərinin rassionallığının artırılmasında mühüm rol oynayacaqdır.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev öz çıxışlarında növbəti ilin dövlət büdcəsinin bu ilin büdcəsindən böyük olacağını və buna bütün imkanların olduğunu qeyd etmiş, bununla bağlı mühüm tapşırıqlar vermişdir. Qeyd edim ki, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq 2018-ci ilin dövlət büdcəsinin həm gəliri, həm xərci artımla proqnozlaşdırılmışdır. Belə ki, məndən əvvəl çıxış edənlərin qeyd etdiyi kimi, növbəti ildə dövlət büdcəsinin gəlirləri 2017-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 20 faiz, xərcləri isə 16,5 faiz çox proqnozlaşdırılmışdır.
Bir qayda olaraq ölkəmizdə vergi daxilolmalarının artırılması, xüsusilə qeyri-neft sektorunun inkişafı və bu sahədən gəlirlərin artırılması dövlət başçısı tərəfindən strateji hədəflər kimi müəyyən edilmişdir. Növbəti il üçün dövlət büdcəsinin tərkibində həm vergi gəlirləri, – bu təqribən 9 milyard 369 milyondur, – həm də qeyri-neft sektorundan gəlirlər, – bu da təqribən 9 milyard 31 milyondur, – əvvəlki illərlə müqayisədə tarixi inkişaf mərhələsinin ən yüksək həcmində nəzərdə tutulur ki, bu da iqtisadi artım prosesinin real sektorun istər neft, istərsə də postneft dönəmində dayanıqlığından qaynaqlandığını göstərir. Dövlət büdcəsinin vergi gəlirlərinin növbəti il üzrə nəzərdə tutulan artımı investisiya mühitinin təşviqi çərçivəsində vergi qanunvericiliyi müstəvisində azadolma və güzəştlərin son illər ərzində genişləndirilməsi şəraitində proqnozlaşdırılmışdır.
Vergi güzəştlərinin və azad olmaların monitorinqinin aparılması, eləcədə də səmərəliyinin müəyyən edilməsi Azərbaycan Respublikasının 2018-ci il və sonrakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasına daxil edilmiş, vergi siyasətinin 2018–2021-ci illəri əhatə edən prioritet istiqamətləri əks etdirilmişdir ki, bunu da Hesablama Palatası öz rəyində müsbət addım kimi qeyd etmişdir. Hesablama Palatasının rəyində dövlət gəlirlərinin potensialları ilə bağlı bəzi tövsiyələr də verilmişdir ki, istəyərdim ki, müvafiq mərkəzi icra hakimiyyəti orqanları bu təklifləri də dəyərləndirsinlər. Ümumiyyətlə, götürdükdə isə Hesablama Palatası birbaşa vergilərin, vergitutma bazasının optimallaşması və universallığının təmin olunmasını, dolayı vergilərin qeyri-xammal ixracının təşviqində stimullaşdırıcı rolunun artırılmasını, eyni zamanda, bu vergilərin əhatə dairəsinin genişləndirməsini, inzibatçılığın daha da gücləndirilməsini və zəruri istiqamətlər üzrə qanunvericiliyin təkmilləşməsini təklif edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət büdcəsinin strukturu, həmçinin Dövlət Neft Fondundan transfertlərin istiqamətləri ilə bağlı konkret tapşırıqlar vermişdir. Qeyd edim ki, növbəti ildə cari xərclər 137,4 milyon manat, əsaslı xərclər 2,5 milyard manat və dövlət borcuna xidmətlə bağlı xərclər isə 621 milyon manat məbləğində artımla proqnozlaşdırılmışdır. Beləliklə, 2018-ci ildə Dövlət Neft Fondundan transfertin təqribən 86 faizindən bir qədər artığının ölkə başçısının tapşırığına müvafiq olaraq əsaslı xərclərə yönəldiləcəyini vurğulamaq istərdim. Eyni zamanda, dövlət büdcəsinin 9,4 milyard manat vergi gəlirləri, həmçinin fonddan transfertlər və vergi gəlirləri nəzərə alınmadan 1,5 milyard manat məbləğində qeyri-vergi gəlirlərinin nəzərdə tutulması 2018-ci ildə proqnozlaşdırılmış 10,8 milyard manat məbləğində cari xərclərin tamamilə maliyyələşdirilməsinə şərait yaradacaqdır.
Hörmətli millət vəkilləri, hörmətli Baş nazirin və mərkəzi icra hakimiyyəti rəhbərlərinin iştirakını nəzərə alaraq daha bir məsələyə diqqətinizi yönəltmək istərdim. Qeyd edildiyi kimi, bütün sahələrdə, dövlət büdcəsinin carı xərclərində, o cümlədən bir çox funksional sahələrdə istiqamətlər üzrə vəsaitlərin artımı proqnozlaşdırılmışdır. Ölkənin inkişaf istiqamətlərini təmin edəcək vəsaitlərin ildən-ilə artırıldığı bir şəraitdə büdcə xərclərini, xüsusilə norma və normativləri tənzimləyən sənədlərin iqtisadi inkişafımızın ilkin mərhələsində hazırlandığını nəzərə alaraq bu normativ aktların əhatəsinin genişləndirlməsinin və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinin zərurət olduğunu vurğulamaq istərdim. Hesablama Palatası bu addımların büdcə vəsaitlərinin daha qənaətli istifadəsinə şərait yaradacağı, həmçinin nəzarət mexanizmlərinin səmərəliyinin yüksəldəcəyi qənaətindədir.
Hörmətli millət vəkilləri, beynəlxalq təcrübə və nəzəriyyədə borc göstəricilərinə bir sıra indekatorlar aid edilir. Hesablama Palatasının rəyində bu göstəricilər dövlət maliyyəsinin ən yaxşı təcrübəsi olaraq müəyyən edilən nümunələr əsasında qruplaşdırılmış və təhlil edilmişdir. Vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri ilə müqayisədə ölkəmizdə borc dayanıqlığının mövcud olduğunu göstərir. Eyni zamanda, diqqətə çatdırım ki, növbəti ilin büdcə layihəsində daxili və xarici borclanmanın yuxarı hədləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətləri məbləğinin yuxarı həddi qanun layihəsində azalma ilə proqnozlaşdırılmışdır.
Hörmətli millət vəkilləri, Hesablama Palatasının kollegiyası qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilərək təsdiq olunması ilə bağlı qərarını diqqətinizə çatdırır. Ümid edirəm ki, büdcə müzakirələri zamanı Hesablama Palatasının rəyi də nəzərə alınacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Vüqar müəllim. Hörmətli millət vəkilləri, müzakirələrə başlayırıq. Xahiş edirəm, iştirak etmək istəyənlər yazılsınlar. Buyursun Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Biz komitələrdə büdcə layihəsini müzakirə edəndə orada bir sıra məsələlərə toxunmuşuq. Ona görə çalışacağam ki, o məsələlərə təkrar toxunmayım. Qeyd etmək istəyirəm ki, bizim büdcə layihəsinin borca xidmət etmə baxımından problemləri daha qabarıq göstərilir. Bir qayda olaraq büdcə sahəsində araşdırmalarda borca xidmət xərcləri büdcə üçün qeyri-məhsuldar xərclər hesab olunur. Bu xərclərin həcmi nə qədər böyük olarsa, büdcənin sosial yükü, xüsusilə də insan kapitalının inkişafı ilə bağlı potensialı xeyli zəifləyir.
İnsan potensialından söz düşmüşkən bəzi məsələlərə toxunmaq istəyirəm. Gələn il elm xərcləri üzrə 10,5 faiz artım nəzərdə tutulsa da, bu istiqamət üzrə əmək haqqı xərclərində cəmi 1,5 faizlik artım proqnozlaşdırılır. Hər kəs bilir ki, elm sahəsində çalışanların məvacibləri çox azdır və yüksək inflyasiya şəraitində elmi işçilərin maaşları ən azından inflyasiya tempinə uyğun olaraq proqnozlaşdırılmalıdır. Gələn il üçün Hökumət 7 faizə yaxın inflyasiya gözləyirsə, elm işçilərinin vəziyyətinin nə qədər ağır olacağını indidən proqnozlaşdırmaq mümkündür.
Digər tərəfdən, büdcə layihəsində dövlət idarəetmə xərclərinin ümumi daxili məhsulda payı 3,2 faiz proqnozlaşdırılır. Müstəqil araşdırmalara görə inkişaf etmiş ölkələrdə bu göstərici 1,5–2 faiz ətrafındadır. Çevik və effektli dövlət idarəetməsi istiqamətindəki islahatlarda hökumətin hədəfi idarəetmə xərclərinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq olmalıdır. Büdcə layihəsində bu görünmür.
Digər ən mühüm məsələlərdən biri odur ki, – bunu dəfələrlə qeyd etmişik, – Bakı şəhəri istisna olmaqla regionların gəlirləri üzrə cəmi 3,6 faiz artım proqnozlaşdırılır. Yeni iş yerlərinin və müəssisələrin açılmasına qoyulan sərmayələr müqabilində regionların gələn il büdcədə proqnozlaşdırılan payı cəmi 3,2 faiz səviyyəsindədir və bu son 10 ildə Bakının büdcənin formalaşmasında mövcud olan 96–97 faiz payını azaltmaq mümkün olmayıbdır. Bir vaxtlar Türkiyədə də bu təcrübə var idi. İstanbulun ölkə iqtisadiyyatında böyük payı olanda iqtisadçılar durumu obrazlı şəkildə belə dəyərləndirdilər ki, İstanbul böyüdükcə Türkiyə kiçilir. Əslində, Bakı böyüdükcə Azərbaycan da kiçilməyə başlayır. Regionlarda, ümumiyyətlə, hər hansı bir şəkildə dövlət büdcəsindən ayrılan vəsaitin 5 il, 10 il, 15 il sonra qayıdışı, özünü təmin etmək imkanları məsələsi hələ də sual altında qalır.
Bir məsələyə diqqət yetirmək istəyirəm. Bu gün regionlara bu qədər vəsait xərclənsə də, istehsal müəssisələri açılsa da, ölkə prezidenti tərəfindən regionların inkişafı istiqamətində çox ciddi addımlar atılsa da, Azərbaycanın Gəncədən başqa heç bir regionunda normal, beynəlxalq standartlara cavab verən universitet sistemi qurula bilmədi. Təhsil sistemi olmayan yerdə iqtisadi inkişaf, məşğulluq, əhalinin mədəni inkişafından söhbət gedə bilməz. Hətta bölgələrdə sahibkarlığın yüksək səviyyədə inkişaf etməməsi nəticəsində bu gün strateji cəhətdən bizim üçün vacib olan bölgələrdə elementar idman komandalarının olmaması, stadionların boş qalması hamımızı düşünməyə vadar edir. Lənkəran kimi bir şəhərdə stadionun boş qalması o demək deyil ki, təkcə AFFA tərəfindən kifayət qədər vəsait ayrılır. AFFA-nın hesabına heç olmasa, region komandaları ayaqda dururlar. Bu elə sahələrdir ki, bunun inkişafı üçün mütləq pul ayırmalıdırlar. Amma sahibkar olmadığına görə buna pul ayırmaq mümkün deyil. Gəncədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Universiteti üçün modern standartlara uyğun gözəl bir yataqxana kompleksi tikilib. Amma Bakıda universitetlərin əksəriyyətində belə yataqxana kompleksi yoxdur.
Bu gün tələbələrin təqaüdü ilə bağlı məsələ də gündəmimizdə durur və müəyyən dərəcədə təqaüdün azalmasının şahidi oluruq. Xərclərin iqtisadi təsnifatı barədə hissədə göstərilir ki, tələbələrə verilən təqaüdlər 2017-ci ilin gözlənilən icrasına nisbətən 59 faiz azaldılacaqdır. Bu azalmanı izah etmək, məncə, mümkün deyil. Nə baxımdan? Siz diqqət edirsinizsə, biz xaricdə təhsil alan tələbələrin pulunu ödəməyi dayandırdıq. Biz insan kapitalından danışırıq, tələbələrin təqaüdünü azaldırıq. Tələbələrin əksəriyyətinin yataqxana problemini həll edə bilməmişik. Belə bir mühitdə biz hər hansı bir şəkildə insan kapitalının inkişafına xüsusi diqqət yetirdiyimizi sənədlərlə, rəsmi rəqəmlərlə sübut etməkdə çətinlik çəkirik.
Bildiyimiz kimi, 2018-ci ilin büdcəsində yol xəritəsinin icraya başlaması ilə bağlı dövlət sənədi də gündəmə gətirilibdir. Bunun büdcə ilə əlaqələndirilməsini həm də təqdim etmək lazımdı. Diqqət edirsinizsə, yol xəritəsində əsas tədbirlər sırasında kənd təsərrüfatında kooperasiyanın inkişafı ilə bağlı stimullaşdırıcı addımların atılması, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət, özəl investisiya fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, aqrar sahədə təhsilin, xüsusilə də peşə təhsilinin inkişafı kimi məsələlər yer alıb.
Sənədə görə bu istiqamətdə tədbirlərə artıq 2017–2018-ci illərdə start verilməlidir. Amma bu istiqamətdə büdcə hesabına hansı addımların atılması nəzərdə tutulur – bu göstərilmir. Mən hesab edirəm ki, bu məsələ olduqca vacibdir. Çünki neftin qiymətinin müəyyən dərəcədə sabitləşməsi bizim islahatlar aparmağımız üçün stimul ola bilər. Amma bu islahatların əlamətini göstərmək lazımdır. Yol xəritəsi ilə əlaqədar büdcədə nəzərdə tutulan maliyyə təminatı cəmiyyətə açıq şəkildə çatdırılmalıdır.
Burada ən vacib məsələlərdən biri sosial müdafiə xərclərinin 5,1 faiz artımının nəzərdə tutulmasıdır. Gələn il üçün hökumət 7 faizə yaxın inflyasiya gözləyirsə, əhalinin aztəminatlı hissəsinin müavinəti və heç olmasa, pensiyaların real inflyasiya tempinə uyğun indeksasiyası təmin edilməli idi. Sosial müdafiə xərcləri 2017-ci ilin gözlənilən büdcə icrasına nisbətən 106 milyon manat artırılacaq. Həmin artımın 52 milyon manatı qaçqın və məcburi köçkünlərin, 54 milyon manatı isə sosial qrupların sosial müdafiəsi ilə bağlı tədbirlərə yönəldiləcəkdir. Digər sosial qruplar dedikdə söhbət az qala 1,7–1,8 milyon nəfərlə bağlı sosial müdafiəyə yönəlik tədbirlərdən gedir. Bura pensiya sistemi və yoxsul ailələrin müdafiəsi ilə bağlı xərclər daxildir. Bunların hamısını bu büdcədə göstərilən rəqəmlərlə qaldırmaq mümkün deyil, çünki bu, nominal artımla büdcə xərclərinin orta artım tempindən təqribən 4 dəfə geri qalır. Bu baxımdan hesab edirəm ki, büdcənin sosial xərclər hissəsinə bir daha diqqətlə yanaşılması vacibdir.
Burada ən vacib məsələlərdən biri də səhiyyə xidməti ilə bağlıdır. Artıq dəfələrlə qeyd olunub ki, bir çox müəssisələrin özəlləşdirilməsi zəruridir. Artıq dövlətin imkanları daxilində bir çox xidmətlərin həyata keçirilməsi xeyli çətinləşib. Mən Gürcüstanda reallaşan bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Bizdə məcburi tibbi sığorta sistemi pilot layihə olaraq bir neçə bölgədə tətbiq olunmağa başladı. Amma bunun səmərə verməsi üçün bölgədə sahibkarlıq inkişaf etməlidir. Sahibkarlığın inkişafı üçün də onların vergi yükü azaldılmalı, müəyyən dərəcədə təminatı, kredit götürmək imkanları artmalıdır. Buna da imkan yoxdur. Sahibkarın banklardan normal faizlərlə kredit götürməsi işi son vaxtlar kifayət qədər çətinləşdirilibdir. Ona görə də heç olmasa, tibbi sığorta sistemi tam oturuşana qədər xərçəng xəstəliyindən və ya bir sıra sağalmaz xəstəlikdən əziyyət çəkən 15 yaşınadək uşaqların həm daxildə, həm də xaricdə müalicəsi üçün ayrıca sığorta fondunun yaradılması mümkündür. Bu fonda hər il büdcə vəsaiti ayırmaqla yanaşı, donor fondlardan, xeyriyyə marafonlarından, ianələrdən vəsait daxil olmasını təmin etmək mümkündür.
Bütün bunların hamısını nəzərə alaraq mən hesab edirəm ki, bu gün birinci növbədə bölgələrin inkişafı barədə düşünməliyik. Bakı bu qədər yükün altından çıxarılmalıdır. Mən təklif edərdim ki, hökumət üzvləri Bakının ətraf qəsəbələrinə imkan daxilində bir səyahət etsinlər. O qədər böyük bir gecəqondu strukturu var ki, dəhşətə gəlirsən. Şəhərin mərkəzində görünən gözəlliklərdən başqa, həm də başqa bir Bakı var. Hansı isə bir formada ya bu qanunsuz evləri özəlləşdirib dövlət büdcəsinə pul gətirmək lazımdır, ya da özəlləşdirmiriksə, heç olmasa, müxtəlif peşə sahiblərinin rayonlara qayıdıb kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmasını təmin etməliyik. Bunu etmədikcə biz bölgələrlə Bakı arasında balans yarada bilməyəcəyik. Ona görə də ölkənin də bir çox problemləri həll olunmayacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tənəffüs elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Müzakirələri davam etdiririk. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş Nazir, hörmətl hökumət üzvləri, hörmətli deputatlar! İlk növbədə mən istəyirəm ki, bu gün tarixdə xüsusi rolu, əhəmiyyəti olan, Azərbaycan tarixində xüsusi rol oynamış və Cənubi Qafqazda yox, bütövlükdə dünyada ən aparıcı bir partiya olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə başda partiyamızın sədri cənab Prezident olmaqla bütün həmkarlarımızı, burada oturan insanları, xalqımızı təbrik edək, uğurlar arzulayaq və Yeni Azərbaycan Partiyası iqtidarda olduğu dövrdə həyata keçirilən bütün iqtisadi-siyasi islahatlar bundan sonra da davamlı olsun. Bu gün bizə təqdim olunan büdcə layihəsi də elə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə, dövlətdə, ölkəmizdə apardığı işlərin bariz bir nümunəsidir. (Alqışlar.)
Büdcə layihəsi təqdim olunubdur. Ayrı-ayrı komitələrdə büdcənin müzakirəsində 37 nəfər çıxış edib, hər kəs fikrini ətraflı şəkildə söyləyib. Güman edirəm ki, bu da nəzərə alınıb və növbəti dəfə də nəzərə alınacaqdır.
Ümumilikdə büdcədə olan artım onun göstəricisidir ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar çox düzgün istiqamətdə gedir. Böyük qlobal layihələr həyata keçirilir və biz cənab Sədr, Sizin dediyiniz kimi, elə bu il 2 mühüm layihənin şahidi olduq. Biri “Əsrin müqaviləsi”nin uzadılması, digəri isə Bakı–Tbilisi–Qars dəmir yolunun işə düşməsidir. Bu da Azərbaycanın beynəlxalq nüfuzuna, iqtisadiyyatının güclənməsinə, gəlirlərin artmasına, turizmin inkişafına böyük xidmət göstərəcəkdir.
Mən bura birini də əlavə etmək istərdim. Maliyyə Nazirliyindən və İqtisadiyyat Nazirliyindən xahiş edərdim ki, Astara–Rəşt dəmir yolunun işə düşməsi ilə əlaqədar siyasi qərar var, onun həyata keçməsi üçün lazımi maliyyə dəstəyi versinlər ki, o, işə düşsün. Onun işə düşməsi Naxçıvan Muxtar Respublikasının demək olar ki, blokadadan çıxması deməkdir. Bu dəmir yoluna qoşulmaqla Naxçıvan Muxtar Respublikası blokada şəraitindən qismən də olsa çıxacaq və Avropa ərazilərinə, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yoluna qoşulmaq üçün bu yoldan səmərəli şəkildə istifadə edəcəkdir. Bu baxımdan da bu çox vacib layihədir. Necə ki, vaxtında Bakı–Tbilisi–Qars dəmir yoluna dəstək verdik həyata keçdi, bu da həyata keçsə, gəlirlərimiz daha da artacaq.
Burada həmkarlarım da dedilər, çox yaxşı haldır ki, bu gün rayonlar öz büdcələri ilə özlərini təmin edirlər. Mən elə hesab edirəm, bura əlavə etmək olardı ki, 30-dan artıq rayon özü-özünü təmin edir, öz büdcəsini formalaşdırır. Burada biz rəqabət prinsipini də həyata keçirə bilərik. Biz görürük ki, ayrı-ayrı sahələrdə cərimələrə görə 25 faiz, 50 faiz vəsait təşkilatlarda saxlanılır. O rayonlar ki, özünü təmin edir, yığdığı vəsaitin böyük bir hissəsini özünə saxlasın ki, bu rəqabət təmin olunsun. Keçmişdə Azərbaycan işləyirdi, sovet büdcəsinə vəsait verirdi, onlar da bunu havayı yerə Ermənistana, başqa-başqa ölkələrə ayırırdı. İndi biz bu yolu tutmayaq. Elə yol tutaq ki, işləyən rayon öz büdcəsi hesabına ərazisinə yeni investisiyalar qoysun, yeni iş yerlərinin açılmasına köməklik etsin.
Məni narahat edən digər bir məsələ də vardır. Bunun artıq bir mexanizmi tapılmalıdır. Həm neft gəlirlərinin, həm də digər iqtisadi islahatların nəticəsində ölkəmizdə idman, səhiyyə, təhsil, mədəniyyət sahələrində çoxlu sayda böyük obyektlər tikilibdir. Biz bunların saxlanılması ilə əlaqədar büdcədən əlavə vəsait də ayırırıq. Yaxşı olar ki, elə mexanizm müəyyənləşdirək ki, onlar nəinki işləsin, həm də işçi qüvvəsi cəlb eləsin, rayon büdcəsinə vergi versin, işıq pulunu ödəsin. Biz isə bunun saxlanılması üçün mərkəzi büdcədən ora vəsait ayırırıq. Aydındır ki, bir texnikanın saxlanmasına vəsait ayrılırsa, müəyyən ildən sonra o köhnələcək. Bu il onları istifadəyə verib gəlir əldə edək. Artıq Səhiyyə Nazirliyi tərəfindən bu işə başlanıb və hesab edirəm ki, genişləndirilsə, daha yaxşı olar.
Rayonlarda özəl məktəblərin, bağçaların açılması məsələsinə toxunmaq istəyirəm. Belə məktəblərin hamısı Bakıdadır. Ola bilər, sahibkar, imkanlı şəxs uşağının yaxşı təhsil almasını istəyir, lakin elə bir məktəb yoxdur ki, orada uşağını oxutsun. Məcbur olub Bakıya gətirir. Ona görə təkcə Gəncədə yox, hər bir rayonda ingilis dilli, başqa təmayüllü məktəblər açılmalıdır. Kim istəyirsə, vəsaitini versin, orada övladlarını oxutsun. Belə olan halda təhsil işçilərinin də əmək haqlarının artırılmasına nail ola bilərik.
Kreditlərlə bağlı məsələyə toxunmaq istəyirəm. Düzdür, islahatlar gedir, addımlar atılır, amma ortada qazanan kommersiya bankları olur. Kommersiya bankları sığortalanmış vəsaitləri 3 faizə götürür, 12 faizdən yuxarı verir. Arada qalan fərqi özü üçün sərf edir. Sabah bir problem yarananda da camaatı dövlətin üstünə göndərir. Qazanan kommersiya bankı, orada çalışanlar olub, burada dövlət o qədər qazanc əldə etməyibdir. Onlar da zəhmət çəksin, mübahisəli kreditlərin bağlanmasına köməklik göstərsinlər. 10 illərlə qazanıblar. Bu gün vətəndaş problem içərisindədir, ona kömək etmək lazımdır. Manatla götürdükdə isə bu 12 faizə gəlib çıxır. Vətəndaşa isə 28–30 faizə kredit verir. Görün, 2 dəfədən, 3 dəfədən artıq fərq yaranır. Bu fərqi də istədiyi kimi xərcləyir. O baxımdan da hesab edirəm, bunlara ciddi nəzarət olunmalıdır ki, heç olmasa, yaratdığı problemləri aradan qaldırsınlar. Vətəndaşın hüququ müdafiə olunsun, o dövlətdən narazı salınmasın.
Gələn il seçki ili olduğuna görə hörmətli maliyyə nazirindən xahişimiz var. Dünya təcrübəsində belədir ki, seçki ilində siyasi partiyalara ayrılan vəsait digər illərdən çox olur, çünki seçkinin keçirilməsi, təbliğatın təşkili və digər məsələlər vəsait tələb edir. Türkiyədə 3 dəfə, Almaniyada 5 dəfə büdcədən əlavə vəsait verilib. Başqa-başqa dövlətləri də misal göstərə bilərəm. Biz də bu təcrübəni götürək, siyasi partiyalara ayrılan vəsait heç olmasa, bir neçə dəfə artırılsın.
Mən bir də səfirliklərlə əlaqədar qeyd etmək istəyirəm. Müəyyən səfirliklər bağlandı, bunu götür-qoy etmək lazımdır. Məsələn, Baltikyanı ölkələrdə üçü də qalıb. Avstraliyada bizim səfirliyi bağladılar. Təkcə bir dənə səfirlik var idi. Hərbi atteşelər də həmin qaydada. Hansı ölkədə lazımdırsa, bağlayırlar, hansında lazım deyilsə, saxlayırlar. O baxımdan buna da nəzarət etmək lazımdır ki, harada lazım deyil orada bağlansın. Qalan hallarda bu, dövlətin işini həyata keçirir.
Ümumilikdə, bütün deputat həmkarlarımı, partiya üzvlərini və müttəfiqləri bu büdcəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Dünyanın, xüsusilə Avropanın ən güclü dövlətlərinin iqtisadiyyatında qeyri-sabitlik olan bir dövrdə, hətta dövlətlər ən vacib sosial xərcləri ödəmək qabiliyyətini itirdiyi halda, ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında nəhəng quruculuq işləri, ardıcıl iqtisadi islahatlar, irimiqyaslı, böyük maliyyə tutumlu layihələr həyata keçirir.
Hökumət hər zaman olduğu kimi, 2018-ci ilin dövlət büdcəsinin layihəsini və büdcəyə əlavə olunan bütün sənədləri mükəmməl səviyyədə hazırlayaraq Milli Məclisə təqdim edib. Gözlənildiyi kimi, gələn il üçün büdcə göstəriciləri cari ilin büdcə proqnozu göstəricilərindən həm gəlirlər və həm də xərclər üzrə çox nəzərdə tutulub.
Dövlət bütün hallarda vətəndaşlarının qayğısını çəkmək seçimi edib. Hökumət gələn il sosial sferadakı islahatlarla insanların məşğulluğunu maksimum təmin etmək istiqamətində daha ciddi addımlar atmağı nəzərdə tutub. Ölkə başçısı çıxışlarının birində demişdir: “Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”. Cənab Prezidentin bu fikirləri, hesab edirəm ki, bizim hər birimiz üçün əsas məqsədi müəyyən edir. Əsas məqsəd isə Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini təmin etməkdir.
Gələn ilin dövlət büdcəsində ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilmiş məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı və dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbə hazırlığının təşkili məqsədi ilə tələb olunan vəsait proqnozlaşdırılmışdır. Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müxtəlif korreksiyaedici və inkluziv təhsilin tətbiq edilməsi, dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatın yaxşılaşdırılması və digər təhsil tədbirlərinin həyata keçirilməsi üçün xərclər də proqnozlaşdırılmışdır. Düşünürəm ki, insan kapitalının formalaşması məhz elə elm və təhsil sahəsində aparılan islahatlardan və qoyulan investisiyalardan çox asılıdır.
Xüsusi olaraq bildirim ki, Azərbaycan hökuməti müvafiq qanunvericilik aktları əsasında hazırladığı “Azərbaycan Respublikasının 2018-ci il və sonrakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” adlı sənəd dayanıqlı iqtisadi inkişaf və əhalinin layiqli həyat səviyyəsinə nail olmağa yönəlib.
Konsepsiya layihəsinin 4.5.11.-ci bəndi ailə, qadın və uşaq siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Yeni layihəyə görə, 2017–2022-ci illər üçün “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”, “Uşaq Məcəlləsi” hazırlanacaq. Konsepsiya layihəsinin ailə, qadın və uşaq siyasəti istiqamətinə uyğun olaraq, xüsusilə regionlarda, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan qaynar xətt də yaradılacaq. “Azərbaycan Ailə strategiyası”nın hazırlanması istiqamətində işlərin davam etdirilməsi, Uşaq fəaliyyəti bankının yaradılması da layihədə nəzərdə tutulmuşdur. Uşaqların əlverişli sosial mühitdə yaşamaları üçün hökumətin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə söykənən bütün strateji planları təqdirəlayiqdir.
Mən Dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis komitələrinin birgə iclasında müzakirəsi zamanı bəzi məsələləri səsləndirmişdim. Bu gün də hökumətin geniş tərkibdə parlamentdə olmasından istifadə edərək bir neçə məsələni diqqətə çatdırmaq istəyirəm. Təklif edirəm ki, 3 yaşına qədər uşağı olan ailələrə verilən müavinət artırılsın və həmin məbləğ 3 il müddətində dəyişilmədən verilsin.
Başqa bir məsələ. Səhhəti qüsurlu – uşaq iflici, epilepsiya, beyin travması, qəzalar və digər irsi faktorlu uşağa sahib olan ailələrin həyatını normal tempdə davam etdirməs o qədər də asan olmur. Ana müəyyən bir iş üzrə fəaliyyət göstərirsə, məcburiyyət qarşısında qalaraq işdən uzaqlaşır. Düşünürəm ki, bu ailələrin mənəvi dəstəklə yanaşı, maddi dəstəyə də çox böyük ehtiyacı var. Məlumdur ki, dövlətimiz bu kateqoriyadan olan uşaqlara daim diqqət və qayğı göstərir, həmin uşaqlara xəstəlik dərəcələrinə görə müavinət verilir. Ancaq yaxşı olardı ki, həmin uşaqlara baxan valideynlərə də müəyyən olunmuş dövrə qədər müavinət, yaxud digər maddi köməkliklər edilsin.
Digər bir təklifim gənc ailələrin mənzil problemi ilə bağlıdır. Cənab Prezidentin müvafiq sərəncamı ilə yeni sosial evlər inşa olunur. Bu sosial tələbata uyğun və çox uğurlu layihədir. Güzəştli ipoteka kreditlərinin verilməsinin gənc həkim və müəllimlərə də şamil olunmasını və bu təklifi hökumətin nəzərə almasını xahiş edərdim. Əgər belə olarsa, həmin kateqoriyadan olan gənc ailələrin sosial yaşayışı üçün əhəmiyyətli şərait yaranar və həm də gəncləri bu peşələrə həvəsləndirər.
Hörmətli hökumət nümayəndələri, hamımıza məlumdur ki, Xocalı faciəsi zamanı 25 nəfər uşaq hər iki valideynini itirmişdir. Bu uşaqlar hal-hazırda gənc yaşlarındadır və əksəriyyəti ailəlidir. Sözsüz ki, bu şəxslərə ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir. Təklif edirəm ki, həmin şəxslər də sosial evlər almaq üçün güzəştli kateqoriyaya aid edilsinlər.
Seçildiyim 117 saylı Oğuz–Qəbələ seçki dairəsi üzrə həlli vacib olan əsas məsələlər barədə də fikrimi bildirmək istəyirdim. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər kənd təsərrüfatının inkişafına önəm verməsi bu işlə məşğul olan insanları daha da ruhlandırmışdır. Aqrar sahədə aparılan islahatlar, xüsusilə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülüyün inkişaf etdirilməsi ölkə rəhbərinin göstərişi ilə həyata keçirilir və bu bizim hamımızı sevindirir, çünki insanlar işlə təmin olunur. Təkcə pambıqçılıq sahəsində 60 min nəfərdən çox insan işlə təmin olunmuşdur. Bu da hər bir ailənin əlavə qazanc sahəsidir. Cənab Prezidentin sözləri ilə desək “pambıqçılıq, tütünçülük heç də dövlətin qazanc əldə etməsinə yox, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş sosial layihədir və çox yaxşı layihədir”.
Oğuz rayonu da kənd təsərrüfatı rayonudur. Oğuzda az adam tapılar ki, ona pay torpağı verilməmiş olsun. Hər kəs bacardığı şəkildə öz torpağını əkib-becərir. Ötən il Oğuz rayonunda min hektar fındıq bağı salınmış, 200 hektar tütün sahəsi əkilmişdir ki, bu da yüzlərlə iş yeri deməkdir. Bundan başqa, rayon əhalisi heyvandarlıq və taxılçılıqla da geniş şəkildə məşğul olur. Lakin emal müəssisələrinin olmaması səbəbindən istehsal olunan məhsul kəndlinin əlində qalır. Nəticədə kəndli bu sahədən nə gəlir götürə bilir, nə ölkə iqtisadiyyatına ciddi tövhə verə bilir, nə də bu sahə yetərincə inkişaf edə bilir. Bu baxımdan Oğuz rayonunda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına ciddi ehtiyac vardır. Mən hökumətdən xahiş edirəm, bu məsələ nəzərə alınsın.
İkinci deyəcəyim məsələ. Oğuz rayonunun ucqar və meşə ehtiyatlarına ən uzaq, təqribən 40 km məsafədə yerləşən Astraxanovka və Vladimirovka kəndlərinə, – onların adları bu yaxlınlarda dəyişiləcək, – yeni qaz xəttinin çəkilməsi ilə bağlıdır. Astraxanovka kəndində 593 nəfər – 91 abonent, Vladimirovka kəndində isə 121 nəfər – 23 abonent vardır. Adı çəkilən kəndlər ən yaxın qaz xəttinə 15 km məsafədə yerləşir. Hökumətdən xahiş edirəm ki, bu problemin də həllini diqqətdə saxlasınlar.
Bütövlükdə, mən də büdcəni mükəmməl, əhatəli hazırlanmış sənəd hesab edirəm və ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətl hökumət üzvləri, hörmətli həmkarlar! Tanınmış bir rus yazarının sözü ilə başlamaq istəyirəm, onun adı Aleksandr Rodjersdir. Rusiya iqtisadiyyatı ilə bağlı çox maraqlı açıqlamaları var. Deyir ki, bizdə bir tərəfdən iqtisadi gərginlik var, xarici şoklar mövcuddur söyləyirik, amma o biri tərəfdən valyuta və qızıl ehtiyatlarımız artır. Biz bilirik ki, pul yoxdur, amma o biri yandan investisiya xərclərimiz artır. Deyirik ki, hökumət genişmiqyaslı özəlləşdirmə həyata keçirir, amma o biri yandan yüngül milliləşməyə gedirik və dövlətin iqtisadiyyatda payı artır.
İstəyirəm, bu sözlərdən sonra Saakaşvilinin Gürcüstanda həyata keçirdiyi böyük islahatlar zamanı dediyi bir fikri xatırladım. Deyir ki, dövlət və hökumət qurumlarının bir çoxunu ləğv etdik, gördük ki, elə bürokratiyanı yaradan onlardır. Bu sözün mabədi olaraq ötən il bir mühüm nazirlik – Nəqliyyat Nazirliyi ləğv olundu və kiçik qəlpələri başqa bir nazirliyə birləşdirildi. Amma gördük ki, ölkənin nəqliyyat sistemi çökmədi, öz ahəngində fəaliyyətini davam etdirdi. İndi siz bundan ölçünüzü götürün. Görün ki, əhalinin 100 min nəfərinə düşən məmur sayına görə dövlət komitələri, nazirliklər və yaxud şirkətlərin bir qismi planlı ləğv olunsa, onun nəticəsi necə olacaq.
Əlbəttə, yaşadığımız ildə qeyd olunan mənfi iqtisadi tendensiyalar durduruldu, manatın kursu sabitləşdi, devalvasiyanın şokundan çıxmaq mümkün oldu. Dövlət başçısının qəbul etdiyi strateji kurs doğru oldu. Bununla bərabər, dünyanın hər yerində büdcə müzakirələri sərt diskussiyalar şəraitində keçir. Məsələn, elə Rusiyanın özündə görürük, keçmiş maliyyə naziri Aleksey Kudrinin, yaxud da prezidentin köməkçisi Sergey Qlazevin çox obyektiv açıqlamaları olur və burada obyektiv təkliflər, faydalı mövqelər olacaqsa, hökumət bundan istifadə etməlidir. Bir aydır büdcə sənədi təqdim olunub, ancaq mən Azərbaycanın əsas telekanallarında hökumət üzvlərinin bu məsələlərlə bağlı geniş diskussiyalarını, şərhlərini görməmişəm. Olubsa, qoy, onlar söyləsinlər. Halbuki büdcə sənədi təkcə bir ilin yox, gələcək dövrümüzün əsas sənədidir.
Burada hörmətli maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankla bağlı ağrılı problemlərə toxundu. Başa düşüləndir. Bu bizim iradəmizdəndir, ya kənarda yaranıb, ya hökumət içərisində bəlli qüvvələr, xüsusilə də Eldar Mahmudovun timsalında hansısa cəhtləri bloklayıblar, bunların nəticəsində də bu vəziyyətə gəlib çatmışıq. Əlbəttə, hökumət də nəzərə alır ki, xarici kreditorlar qarşısında öhdəliklərimiz var, biz buna görə maliyyə imicimizi qorumalıyıq. Bu həm də alacağımız kreditlərə görə nüfuz cədvəli deməkdir. Ancaq mən istəyirəm, doğrudan, bir parlament üzvü kimi bu bank ətrafında baş verənləri anlayım. Məsələn, 2015-ci ilin 1 yanvarında həmin bankın hesabatlarında deyilir ki, onun 85 faiz aktivi kredit şəklində müştərilərə verilib. Bu, 8 milyard manata yaxın vəsait deməkdir. Bunun 1 milyarda yaxını fiziki şəxslərə, yerdə qalanı korporativ müştərilərə verilib. Yerdə qalan dediyimiz vəsaitin 3,5 milyardı da 30 şirkətə verilibdir. Gördüyünüz kimi, kifayət qədər yüksək məbləğlərdir. İndi bilmək istəyirik, bankın geri qaytarıla bilməyən məbləğlərinin arxasında dayanan təminat nə qədər borcu örtməyə imkan verir? Təminatsız verilənlərin miqdarı cəmi 800 milyon manatdır. Yerdə qalan 3,5 milyarda daşınar əmlak, 2,1 milyarda isə daşınmaz əmlak qoyulub. Ola bilər, devalvasiya nəticəsində bazar dəyəri düşüb və sair. Mən çox arzulayıram bununla bağlı daha geniş açıqlama verilsin. Hökumətin sağlamlaşdırma tədbirləri Abxaziyadan ta Albaniyaya qədər qoyulan bankın pullarını dirçəltməyə və dövlətin aktivlərinə qaytarmağa imkan verəcəkmi?
Başqa bir müqayisəni də təqdim etmək istəyirəm. Kreditlərlə bağlı həmkarlarım söylədilər. 2 milyon vətəndaşın problemli kreditlərinin ümumi məbləği 1,8 milyarddır. Bu rəqəmə diqqət edin. Bizim Beynəlxalq Banka görə öz üzərimizə götürdüyümüz, xarici borcun içərisinə yerləşdirdiyimiz isə 2,4-dür. Yəni bunlar Azərbaycan dövləti üçün 2 milyon vətəndaşdan daha çox problem yaradıblar.
Başqa bir problemə toxunmaq istəyirəm. Büdcə gəlirlərinin artması həm də indiyə qədər qoyduğumuz investisiya xərclərindən vəsaitlərin necə geri qayıtmasından asılıdır. Mən indi onun ikisinin necə geri qayıtdığını demək istəyirəm. 2013-cü ildə Sumqayıtda 2 milyard vəsait qoyulub Polimer məmulatları zavodu tikilib və böyük bir şəbəkə yaradılıbdır. Amma o, daxili potensialının 10 faiz gücü ilə işləyir. Əvəzində daxili bazarı Çin məhsulları başına götürübdür.
Başqa bir məsələni ötən dəfə demişdim. Taxtakörpü su anbarı, kanalı və stansiyası qurulub. Təyin olunmuşdu ki, 100 min hektar, – mən xüsusi vurğulayıram, camaatınkı yox, – yeni torpaq sahəsi dövriyəyə gələcək və bundan da qazanacağıq. Qoy müvafiq nazirliklər desinlər ki, bundan nə gəlir əldə olunur.
Toxunmaq istədiyim başqa bir məsələ səhiyyə ilə bağlıdır. Xərclər dəyişməyibdir. Əlbəttə ki, mənim köklü yanaşmam bundan ibarətdir ki, dövlət gedib kənddə tibb məntəqəsi tikməməlidir. Bunu özəl sektor etməlidir. Dünyada belədir. Biz ona doğru gedəcəyik. Amma başqa bir problemə diqqətinizi çəkmək istəyirəm. Komitələrin birgə iclasında söylədim. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyev sözünün tutumu olan, tanınmış bir alimimizdir, heç kəs onun sözünə şübhə etmir. Onun 7 noyabrdakı müsahibəsindən sitat gətirmək istəyirəm. Cəmil müəllim deyir: “Gün ərzində 500-ə yaxın xəstə uşaq onkologiya mərkəzinə müraciət edir. Bununla belə, onların hamısı onkoloji xəstə deyil. Onların haradasa 30 faizi xərçəng xəstəsidir, yerdə qalan 70 faizi digər xəstəliklərdən əziyyət çəkir”. Mən digər xəstəlikləri bir kənara qoyuram. 30 faiz hər günə 150, aya 4500 edir. Mən elə düşünürəm, yeni doğulan körpələrin bu xəstəliklə doğulmasının səbəbi valideynlərdən qaynaqlanırsa, dövlət buna görə bir proqram tərtib edə, bir komissiya yarada bilər ki, bu məsələnin kökü hara dayanır.
Kənd təsərrüfatı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Əlbəttə ki, müsbət dəyişikliklər var. Bu, ixracda da özünü qabarıq göstərir. Ancaq görüləcək işlərimiz də həddindən artıq çoxdur. İsveçlə bir paralel aparmaq istəyirəm. Bir çox parametrləri bizə yaxındır, əhali sayı eynidir və sair. Diqqət edin, İsveçin kənd təsərrüfatına yararlı ərazisinin 8 faiz aqrar sahə üçün istifadə olunur. Biz isə yararlı torpaqlarımızın 50 faizindən istifadə edirik. O 8 faizi də əmək qabiliyyətli əhalinin 1,25 faizi, yəni 172 min insan çalışır. Bu 10 milyona yaxın İsveç əhalisinin beşdə dördünün ərzaq tələbatını ödəyir. 67 min fermer təsərrüfatı yaradıblar. 3,5 İsveçdə, 4,5 bizdə əmək qabiliyyətli əhalimizin 40 faizi çalışır. Onların yaratdığı məhsuldarlıqdan ölkə əhalisi 50 faiz təmin olunur.
Dəmir yolları ilə bağlı hörmətli Şahin müəllim çox dəyərli fikirlər söylədi. Hamımız son 2 ildə bu sahədəki köklü dəyişiklikləri görürük. Gərçəkdən də, bu, belədir. Azərbaycanın regional və beynəlxalq qovşaqlara çevirilməsi üçün tarixi işlər görülüb. Azərbaycanın ümumi dəmir yolunun uzunluğu 2100 kilometrdir. Biz də eyni parametrlərə malik olan Norveçdə daha doğrusu, Avstriyada bu rəqəm 10 mindir.
Bayaq həmkarlarımız Bakının nəqliyyat yükündən danışırdılar. Bakının çevrəsində 21 dəmir yolu stansiyası var. Onu bizim şəhərlərlə, sürətli qatarlarla birləşdirilməsi layihəsi həyata keçirilsə, bu gərginlikdən də azad ola bilərik. Ona görə də bu sahəyə qoyulan investisiyalar itməyəcək.
Uşaq bağçaları ilə bağlı məsələyə toxunmaq istəyirəm. Hər il 107 min uşaq doğulur. Bunun müqabilində dövlət nə qədər uşaq bağçası tiksə, əlçatanlığı ödəyə bilməyəcəkdir. Ona görə də mənim aləmimdə dövlət uşaq bağçası tikməməlidir, bunu özəl sektor etməlidir.
Neft sektoru ilə bağlı bir söz demək istəyirəm. Əlbəttə, nə qədər qeyri-neft iqtisadiyyatını biz inkişaf etdirsək də, 16 sentyabrda imzalanmış Əsrin müqaviləsi sübut etdi ki, neft və qaz resursu 2050-ci ilə qədər bizim iqtisadiyyatımızın əsasında dayanacaq. Elə isə mən nə təklif edirəm? Təklif edirəm ki, neft məhsullarını həm də məhsul şəklində sataq. Demirəm ki, neftin ixracından imtina edək. Məsələn, 1 barel neft 159 litrdir. Onu emal edəndə 80 litr benzin istehsal olunur. Türkiyədə benzinin qiyməti 2,4-dür.
Mədəniyyət sahəsi ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Bu sahəyə 108 milyon manat ayrılıbdır. Onun da cəmi 1 milyonu kino sənayesinə ayrılıb. Ermənistanı bir qırağa qoyuram ki, onlar nə kino çəkirlər. Kino hər yerdə dövlət siyasətidir. Türkiyədə dövlətin tarix üzərindən siyasətini görün hansı filmlər həyata keçirir. “Diriliş Ərtoğrul”, “Möhtəşəm yüz il”, “Paytaxt Əbdülhəmid”, “Fateh-1453” və sair. Rusiyada “Matilda”, “Spyaşie”, “Xojdeniya po mukam”, “Demon revolyusiyi” və sair. Mən düşünürəm, bizdə filmlərin gəlir gətirməsi üçün buna köklü vəsait qoyulmalıdır.
Axırıncı məsələ. Dövlət xaricdə lobbi maraqlarımıza görə ayrı sətirlə vəsait ayırmalıdır ki, bizi kimsə xaricdə siyasətçiləri, dövlət adamlarını satın almaqda günahlandıra bilməsin. Əminəm ki, hökumət üzvləri bu təklifləri normal, anlayışla qarşılayacaqlar. Əlbəttə ki, bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli cənab Sədr, hörmətl hökumət üzvləri, hörmətli millət vəkilləri! 2018-ci ilin büdcə layihəsi komitələrdə müzakirə olunub, hörmətli millət vəkilləri öz fikirlərini, təkliflərini bildiriblər. Ona görə də mən bugünkü plenar iclasımızda detallara varmadan ümumi fikirlərimi səsləndirəcəyəm.
Hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçməkdəyik. Bu tarixi dövr təkcə regionumuzda baş verən siyasi hadisələrlə deyil, həm də mürəkkəb, qlobal iqtisadi proseslərlə əlamətdardır. Təsadüfi deyil ki, son illərdə qlobal iqtisadi mərkəzlərin milli iqtisadiyyata və onun formalaşdıran resurslara süni müdaxiləsi Elman müəllimin də “xarici şok” kimi ifadə etdiyi neqativ təsirləri yaratdı və 2015-ci ildə milli valyutamızın devalvasiyaya məruz qalması da bu imperialist siyasi mərkəzlərin iqtisadiyyata süni müdaxiləsinin nəticəsi kimi qiymətləndirilməlidir. Əgər bütün bunları nəzərə alsaq, deyə bilərik ki, hazırda 2018-ci ilin dövlət büdcəsi layihəsini iqtisadiyyatımızın və maliyyə institutlarımızın postdevalvasiya mərhələsində müzakirə edirik. Ona görə də düşünürəm ki, qiymətləndirməni də bu şərtləri nəzərə almaqla aparmalıyıq.
2015-ci ildə ölkə Prezidenti tərəfindən həyata keçirilən hüquqi və institusional islahatlar milli valyutamızı möhkəmləndirməklə yaranmış vəziyyətdən ən optimal vaxtda və ən effektli vasitələrlə çıxmağımıza səbəb oldu. Ölkəmizin baş bankiri bayaq çıxışında qeyd etdi ki, bu ilin ötən dövrü ərzində manat 15 faiz möhkəmlənibdir. Mən düşünürəm ki, bu özlüyündə yaxşı göstərici olmaqla bərabər, əslində, digər iqtisadi proseslərin keyfiyyətlərini qiymətləndirmək üçün də bir meyardır. Əgər 2015-ci ildə ən optimist proqnozlar belə 2 ildən sonrakı vəziyyəti qiymətləndirərkən hazırda əldə etdiyimiz nəticələri söyləməkdə tərəddüd edərdilərsə, bu gün bu nəticələr bizim reallığımızdır. Yəni 2018-ci il büdcəmiz devalvasiyadan əvvəlki mərhələdə olan büdcəmizdən heç də geri qalmır.
Əgər 2018-ci il dövlət büdcəsini xarakterizə etməyə çalışsaq, ilk növbədə onun sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirə bilərik. Çünki büdcə layihəsində iqtisadi, hərbi, təhsil, səhiyyə və sair kimi strateji sahələri əhatə edən istiqamətlərin inkişafının maliyyələşdirilməsi nəzərdə tutulubdur.
Hörmətli millət vəkilləri, biz bilirik ki, büdcə sosial-iqtisadi inkişafı təmin edən bir vasitədir. Elə büdcənin səmərəliyi də onun inkişafını təmin etməs ilə ölçülür. Bu mənada büdcə layihəsində ölkəmizdə yeni magistral və yerli əhəmiyyətli yolların tikintisinin, su kanalizasiya kommunikasıyanın yaradılmasının maliyyələşdirilməsinin nəzərdə tututlması olduqca mühüm məsələlərdən biridir. Çünki hər bir kommunikasiya öz ətrafında xüsusi mikroiqtisad mühit yaratmaqla iqtisadiyyatı stimullaşdıran bir vasitə kimi çıxış edir.
Bir qədər əvvəl hörmətli həmkarlarımız regionların inkişafı ilə bağlı danışdılar. Mən xatırlatmaq istəyirəm ki, bu günə qədər regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı 3 dövlət proqramı həyata keçirilibdir. Bundan başqa, ayrıca Bakı şəhəri və ətraf qəsəbələrin inkişafı ilə bağlı xüsusi dövlət proqramı həyata keçirilibdir.
Hörmətli iqtisadi inkişaf naziri 2018-ci ilin büdcə layihəsində regionlarda yeni iqtisadi mərkəzlərin formalaşmasını nəzərdə tutan layihələrdən bəhs etdi. Mingəçevirdə, Gəncədə, Neftçalada, Sumqayıtda, Hacıqabulda, Şəkidə və sair yerlərdə yerli xüsusiyyətlər və yerli əmək münasibətləri və istehsal vasitələrinin potensialı nəzərə alınmaqla lokal iqtisad mərkəzlər formalaşır ki, bunlar da bəzi regionlarda aqroparklar kimi, bəzilərində sənaye parkları kimi, bəzilərində isə sənaye məhəllələri kimi xarakterik formada nəzərdə tutulub. Mən hesab edirəm ki, bunlar da ölkəmizin – regionlarımızın inkişafında xüsusi rol oynayacaq layihələrdir. Ona görə mən düşünürəm ki, büdcə layihəsi mövcud iqtisadi reallığı əks etdirməklə, eyni zamanda, həm də Azərbaycanın gələcəkdə iqtisadi inkişafını nəzərdə tutan və onu təmin edən bir formada tərtib olunubdur. Nəzərə alsaq ki, Hesablama Palatası bütün sahələr üzrə xüsusi qiymətləndirmə aparıb və müsbət rəy veribdir, o zaman bu büdcə layihəsinə səs vermək və onu məqbul hesab etmək olar.
Hörmətli Sədr, mən çıxışımın sonunda qısa bir məsələyə toxunmaq istəyirəm. Bunu təklif kimi də qiymətləndirmək olar. Son dövrdə “autizm” deyilən bir xəstəlik Azərbaycanda çox geniş şəkildə yayılmaqdadır. Hamımız bilirik ki, bunun müalicəsi çətindir, uzunmüddətlidir, kifayət qədər maliyyə tələb edir. Hökumət üzvlərinin burada iştirak etməsini fürsət bilərək qeyd etmək istəyirəm ki, bununla bağlı gələcəkdə hansısa mərkəz yaradılsa və yaxud autizmdən əziyyət çəkən gənclərin, – onlar Azərbaycanın gələcəyini təmin edəcək insanlardır, – müalicəsi ilə bağlı dövlət tədbiri həyata keçirilsə, onların müalicəsinin bir qismi dövlət tərəfindən qarşılansa, yaxşı olardı.
İkinci bir məsələni də qeyd etmək istəyirəm. Mən komitələrin iclaslarında da bu məsələyə toxundum. Çoxsaylı müraciət olunur ki, valideynlərinin hər ikisini birinci və ikinci qrup əlil olan uşaqlar təhsil haqqından azad edilsin. Mən düşünürəm ki, bunu, hətta büdcədə xüsusi nəzərdə tutmamaq da olar. Çünki hər bir ali məktəbin özünün kifayət qədər resursu var ki, valideynlərinin hər ikisi birinci və ikinci qrup əlil olan tələbələri təhsil haqqından azad etsin.
Üçüncü, biz bilirik ki, ölkəmizdə qazlaşdırma siyasəti həyata keçirilir. Bu rəqəm çox yüksəkdir, indi dəqiq xatırlamıram, amma burada bir məsələ var ki, vətəndaş-dövlət münasibətlərində hüquq qeyri-bərabərliyi formalaşdırır. Bu da ondan ibarətdir ki, hər hansı bir yaşayış məntəqəsində əvvəlcədən layihələşdirilmiş evlər qazla dövlət hesabına, pulsuz təmin olunur. Amma layihə başa çatdıqdan sonra həmin kənddə bir gənc ailə yeni ev tikirsə, onun evinin qazlaşdırılması ödənişli əsaslarla aparılır. Düşünürəm ki, bu hüquqi qeyri-bərabərliyi aradan qaldırmaq lazımdır, çünki Azərbaycan hüquqi dövlətdir və bütün Azərbaycan vətəndaşları eyni hüquqa və vəzifələrə sahibdirlər. Təkliflərim bu qədər. Mən büdcə layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məlahət xanım, sualınız var?
M.İbrahimqızı. Oqtay müəllim, çox təşəkkür edirəm. çıxışa yazılmışam, amma bilirsiniz ki, mən sabah burada olmayacağam. Ona görə çıxışımı sual formasında etmək istəyirəm.
Sualımın birincisi ondan ibarətdir ki, bildiyimiz kimi, dünyanın bütün ölkələrində, yəni beynəlxalq aləmdə səhiyyənin qlobal çağırışları var və bu qlobal çağırışlar Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapıb. Möhtərəm Prezidentimiz bununla bağlı çox böyük bir qurum da yaradıb və bu istiqamətdə parlamentimiz də çox gözəl işlər görür. Oqtay müəllim, Sizə çox təşəkkür edirəm. Bu, sözsüz ki, analığın mühafizəsi ilə bağlıdır. Analığın mühafizəsi elə ailənin mühafizəsi deməkdir. İnkişaf etmiş dövlətlərin büdcəsində səhiyyənin prioritetləri deyəndə analığın mühafizəsi və milli strategiya nəzərdə tutulur. Amma mənim Samir müəllimə sualım odur ki, Səhiyyə Nazirliyi çox yüksək səviyyədə Reproduktiv sağlamlıqla bağlı proqram qəbul edib, amma nədənsə səhiyyənin inkişafının əsas istiqamətləri paraqrafında onunla bağlı heç bir söz öz əksini tapmamışdır. Bununla bağlı sizdən xahiş etmək istəyirdim, çünki ölkəmiz hesabat verir və bütün beynəlxalq təşkilatlarda bununla bağlı suallar verilir.
İkinci sualım isə onunla bağlıdır ki, son zamanlar şəhid ailələrinin sığorta pulu məsələsi mətbuatda çox davamlı olaraq müzakirə olunur. 100-ə yaxın şəhid ailəsinə sığorta pulu verilibdir, hətta bir neçə ay bundan əvvəl möhtərəm Prezidentimiz tərəfindən 27 ildən sonra 20 yanvar şəhidinə status verildi. Səlim müəllim bu haqda bilir. Yəni dövlətimiz və dövlətimizin başçısı buna çox diqqət yetirir. 27 ildən sonra 20 yanvar şəhidinə status verilməsi, həqiqətən də, qeyri-adi hadisədir. Möhtərəm Prezidentimizin bu qərarı cəmiyyət tərəfindən çox qiymətləndirilir. Mən sual vermək istəyirəm ki, 2018-ci ilin büdcəsində şəhid ailələrinin sığorta pulu nəzərdə tutulubdurmu? Oqtay müəllim, Sizə bir daha çox təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri və hörmətli millət vəkilləri! Mən də həmkarlarımın fikirlərinə qoşularaq düşünürəm ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir. Dövlət büdcəsi hazırlanarkən dünyada və regionda baş verən hadisələrin, eyni zamanda, ölkəmizin inkişaf gözləntilərinin nəzərə alınması təqdirəlayiqdir. Bu, Azərbaycan hökumətinin uğurla büdcə siyasətini həyata keçirdiyini göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycanın qarşıdakı illərdə daha sürətli inkişaf meylləri əldə edəcəyinə dair proqnozlar özünü doğrultmaqdadır. Bu, gələn ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin artmasında da ifadə olunur.
Büdcə layihəsinin sosialyönümlü olması, sosial xərclərin gələn ilin büdcə layihəsində üstünlük təşkil etməsi möhtərəm Prezidentimizin sosial sahənin prioritetliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlara əməl olunmasını təsdiq edir. Bu həm də onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulur.
Qeyd etmək lazımdır ki, regionların inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün büdcə xərclərinin artırılması müsbət məqamdır. Bildiyimiz kimi, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramların həyata keçirilməsinin nəticəsi olaraq regionların həm iqtisadi, həm də infrastruktur göstəriciləri müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, regionlarda iqtisadi fəallıq, sahibkarlıq fəallığı artıb. Təbii ki, yaradılan infrastruktur, sahibkarlığın inkişafı üçün formalaşdırılan şərait regionlarda iqtisadi göstəricilərin artmasına səbəb olub.
Beləliklə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurla həyata keçirilməsi sahəsində əhəmiyyətli mərhələlər keçilib. Biz bu istiqamətdə əldə olunan dəyişiklikləri bütün sahələrdə, infrastruktur layihələrin icrasında, yeni müəssisə və zavodların, yeni iş yerlərinin açılmasında, vətəndaşların sosial həyat səviyyəsinin yaxşılaşmasında da görürük. Ötən il təmsil etdiyim Şəmkir rayonunda da çoxlu sayda layihələr reallaşdırılır, dövlət proqramlarında nəzərdə tutulan məsələlər uğurla həll olunur. Rayonun demək olar ki, əksər kənd və qəsəbələrində qazlaşdırma başa çatmaq üzrədir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı həllini tapıb. Əhalinin həm də içməli su ilə təmin olunması, əkin sahələrinin suvarılması kimi məsələlər əksər hallarda yerinə yetirilib. Eyni zamanda, sosial infrastrukturun yenilənməsi, mərkəzi xəstəxananın bu yaxınlarda tamamilə yenilənməsi, yeni idman qurğularının əhalinin istifadəsinə verilməsi rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Seçicilərimizdən aldığımız çoxlu sayda müraciətlərdə bu məsələlərin həllinin tapması ilə bağlı razılıq və minnətdarlıq ifadə olunur.
Hörmətli millət vəkilləri, mən bir məqama da toxunmaq istərdim. Məlum olduğu kimi, Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, biliklərə əsaslanan innovativ inkişaf siyasətinin uğurla həyata keçirilməsi dövlət büdcəsində də real ifadəsini tapan mühüm məqamlardan biridir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin və təhsilin inkişafı üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir. Bu gün ölkəmizdə elmi potensialın qorunması, təhsilin inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. Büdcə layihəsində bunun da əksinin tapması sevindiricidir.
2018-ci ilin dövlət büdcəsində təhsil xərclərinə 2 milyard manatdan çox vəsait ayrılıb. Bu ötən ilin müvafiq göstəricilərindən 11,7 faiz artıqdır. Əlbəttə, bu, Azərbaycan dövlətinin təhsilimizin inkişafına diqqət və qayğısını göstərməklə yanaşı, təhsil sahəsində islahatların davamlığını, təhsil infrastrukturunun yenilənməsini də təmin edəcəkdir. Bu gün Azərbaycanın hər bir regionunda yeni məktəblər tikilməkdədir. Təmsil etdiyim Şəmkir rayonunda da bir sıra yeni məktəblər tikilib, əsaslı təmir olunublar. Ancaq seçicilərlə görüş zamanı bir məktəb haqqında çoxlu müraciət almışıq. Bu, Şəmkir rayonu Çinarlı 1 nömrəli orta məktəb haqqında qaldırılan məsələdir. Həmin orta məktəb keçən əsrin 60-cı illərində tikilib və uzun müddətdir ki, istifadə olunur. Bu gün məktəbin ciddi şəkildə təmirə ehtiyacı var. Mən hökumət nümayəndələrindən bu məsələnin həllinə köməklik göstərmələrini xahiş edərdim. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Sahibə xanım. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli nazirlər, hörmətli deputatlar! İlk növbədə mən də deputat həmkarımız Siyavuş Novruzovun təbrikinə qoşuluram və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini 25 illik yubiley münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqının rifahı istiqamətində göstərdikləri səylərdə onlara uğurlar arzulayıram.
Hörmətli Ziyafət müəllim, əlbəttə, bizə təqdim olunan sənədlərə əsasən 2017-ci ilin 8 ayında dövlət büdcəsinin mədaxil proqnozu 100,9 faiz, Vergilər Nazirliyi xətti ilə 100,1 faiz, Gömrük Komitəsi üzrə isə 118,2 faiz yerinə yetirilib. Əlbəttə, bu, pozitiv göstəricilərdir. Bundan başqa, bilirik ki, manatın məzənnəsi sabitləşib və bunun nəticəsi olaraq sahibkarlar artıq öz pullarını istehsal müəssisələrinin yaradılmasına, xüsusilə tikinti sektoruna yatırmağa başlayıblar. Pilot layihələr özünü doğruldur. Artıq 10 minlərlə Azərbaycan vətəndaşı elə Bakı şəhərində pilot layihələr çərçivəsində işlə təmin olunublar. Amma düşünürəm ki, 10 milyonluq ölkə üçün 20 milyonluq büdcə böyük bir rəqəm deyil. Bununla belə, bu vəsaitlərin bölüşdürülməsi kifayət qədər ədalətli deyil, həm də o, ölkəmizin iqtisadiyyatına, əhalinin sosial müdafiəsinin təmin olunmasına lazımi səviyyədə xidmət göstərmir.
İlk olaraq demək istəyirəm ki, bizə təqdim olunmuş Hesablama Palatasının rəyindəki 72 saylı cədvəldə qeyd olunur ki, respublikanın rayon və şəhərlərində əlil və şəhid ailələri üçün evlərin tikintisinə 27,5 milyon manat vəsait ayrılır. Siz bilirsiniz ki, Azərbaycanda hələ müharibə bitməyib, torpaqlarımız işğal altındadır. Sabah yenə də Azərbaycan zabitləri və əsgərləri öz həyatları ilə risk edərək torpaqlarımızı azad etməli olacaqlar. Belə olduğu təqdirdə onlar əmin olmalıdırlar ki, əgər həyatlarını itirərlərsə, ailələri dövlət qayğısı ilə tam təmin olunacaqlar. Bu 27,5 milyon manat çoxları üçün böyük bir rəqəm kimi görsənə bilər. Amma təqdim olunmuş sənədlərdə göstərilmir ki, Azərbaycanda nə qədər əlil və şəhid ailəsi var və neçə ildir onlar növbədədirlər. Bu qədər vəsaitlə onlardan neçəsi mənzillə təmin olunacaq. Bu halda, əlbəttə, millət vəkillərinə və hökumət üzvləri üçün aydın mənzərə yaranmış olur.
Yaxud, burada qeyd olunur ki, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq xarici kreditlər hesabına 42,1 milyon, Dövlət Neft Fondundan isə 200 milyon manat vəsait ayrılacaq. Mən keçən dəfə komitənin iclasında söyləmişdim ki, Azərbaycanda 4600 məcburi köçkün qəzalı binalarda yaşayır. Bu vəsaitlə onlardan neçəsini mənzillə təmin etmək mümkün olacaq? Bu barədə bizə aydın bir məlumat verilsəydi, daha doğru olardı.
Əlbəttə, hörmətli Mehriban xanım Birinci vitse-prezident təyin olunandan sonra onun müraciəti əsasında Paşa Holdinq tərəfindən bizim qaçqınlara mənzil tikilir. Bu çox təqdirəlayiq bir haldır. Onun müraciəti əsasında bəzi sahibkarlar, mən bilirəm, Nərimanov ərazisində belə bir təşəbbüsə qoşulublar, qaçqınlar üçün mənzillər ayırırlar. Hər halda mətbuatdan bu barədə oxumuşam. Bu çox müsbət haldır. Amma düşünürəm ki, Allah-təala insana nə qədər ömür verib ki? Bunlar 25 ildir, qəzalı binalarda yaşıyırlar və həyatları risk altındadır. Onlar nə vaxta qədər qəzalı vəziyyətdə olan binada yaşayacaqlar? Bu barədə biz ciddi düşünməliyik.
Dünya o xalqlara hörmət edir ki, orada dövlət vətəndaşa, vətəndaş hökumətə, insanlar bir-birinə qayğı ilə, diqqətlə yanaşırlar. Ona görə də mən hökumət üzvlərinə müraciət edirəm ki, qaçqınlara, şəhid ailələrinə mərhəmət nümayiş etdirsinlər. Lazım olan vəsaiti artırsınlar və çalışaq ki, uzun illər acınacaqlı vəziyyətdə yaşayan qaçqınların, nəhayət, mənzil şəraitin bir neçə il ərzində həll edək.
Mən televizorda bəzi süjetlərə baxmışam. Bilmirəm, hökumət üzvləri baxa bilib, bilməyib. Elə yerlər var ki, səhərlər qadınlar kişilərlə bərabər tualet növbəsinə dayanırlar. Bu nə bizim milli mənəviyyatımıza, nə də xalqımıza yaraşan məsələ deyil. Mən əlbəttə, əmin olsaydım ki, dövlətimizin imkanları yoxdur, tam səmimiyyətlə deyirəm, bu məsələnin üzərinə təkrar və təkrar qayıtmazdım. Amma mən bilirəm ki, bizim buna imkanlarımız var və bunu edə bilərik.
Tikinti sektoru üçün 4,9 milyard manat vəsait ayrılır. Hesab edirəm ki, başqa sahələrdən kəsib bu sahəyə vəsait yönəltmək olar.
Başqa bir məsələ mənim seçildiyim Naxçıvanla əlaqədardır. Bilirsiniz ki, Naxçıvana bu il 282 milyon manat investisiya ayrılır. Mən hökumətdən gileylənmirəm. Açıq deyirəm, Naxçıvanda hər kəs bilir ki, cənab Prezidentin diqqəti, xüsusi qayğısı, dəstəyi olmasa, Naxçıvana, bu qədər vəsait ayrılmaz və orada həyat mümkün olmaz. Ona görə ki, büdcənin yerdə qalan hissəsi, Naxçıvanın özünün gəlirləri hesabına formalaşan hissəsi cəm 20 faiz təşkil edir – 73,4 milyon. Onun üçün təklif edirəm ki, Naxçıvanda sənayenin inkişaf etdirilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır.
Bilirsiniz ki, Naxçıvanda Çin hökuməti ilə birgə avtomobillər yığılırdı. O, bir neçə on rəqəmi ilə ifadə olunurdu və açıq deyək ki, heç kim o maşınları almır. Bizim insanlarımız Cənubi Koreya, Yaponiya, Almaniya, Amerika Birləşmiş Ştatlarında istehsal olunan maşınlara üstünlük verir. Şamaxıda “AzSamand” markalı avtomobillər yığılırdı. Özünü doğrultmadı, indi də o zavod bağlı qalıb. Belə olduğu halda Neftçalada İranla birlikdə ikinci bir avtomobil zavodunun tikilməsinə ehtiyac varmı? Axı, o avtomobilləri heç kim almayacaq. Özü də dünya elektriklə işləyən avtomobillərə keçir. Gəlin, elə Naxçıvandakı zavodu rekonstruksiya edək. Qabaqcıl şirkətlərdən birini dəvət edərək orada elektrik avtomobilləri yığaq və Orta Asiyaya, İrana, Türkiyəyə, hətta Rusiyaya yeni avtomobillər sataq. Avropada bir çox ölkələr artıq konkret məqsədlər qoyublar ki, yaxın 10 il ərzində onların şəhərlərində benzinlə işləyən avtomobillər olmayacaq.
Başqa bir məsələ. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 7 milyon manata yaxın vəsait ayrılıb. Bu agentlik özü, əslində, bu sahəni inkişaf etdirməliydi və büdcəyə vergi verməliydi. Əksinə, biz pul ayırırıq. Əvvəla, bu agentliyi ləğv edib onu Energetika Nazirliyinə vermək olar. Onsuz da Energetika Nazirliyi o qədər də böyük işlə yüklənməyib. Bu 7 milyon vəsaitə də qənaət etmək mümkün idi. Mən düşünürəm ki, bunu etməyimizə çox böyük ehtiyac var.
Bundan başqa, mən Naxçıvanla bağlı bir məsələni də deyim. Uzunmüddətli danışıqlar gedirdi ki, orada Türkiyə və İranla birlikdə azad iqtisadi zona yaradılacaq. Ona görə ki, üstünlüklər var. Bu Naxçıvanın təhlükəsizliyi ilə əlaqədar təminat da olardı. Amma bu məsələ yubandı. Bu məsələyə bir aydınlıq gətirilsəydi, yaxşı olardı.
Bundan başqa, Ziyafət müəllim, bilirsiniz ki, bizim Konstitusiyaya görə mülkiyyətin 3 növü fərqləndirilir: dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti. Konstitusiyanın 29-cu maddəsinə görə də mülkiyyətin heç bir növünə üstünlük verilmir. 2004-cü ildə biz İctimai televiziyanı yaradanda qərar qəbul etdik ki, bu televiziyanın əsas məqsədi müxtəlif baxış və əqidələri əks etdirməkdir. Onun maddi-texniki bazasını yaradırıq, amma sonradan o, dövlət hesabına maliyyələşməyəcək. Amma indi digər televiziyalar var, məsələn, Lider TV, Xəzər TV heç də populyarlığına görə ondan geri qalmır. Amma biz televiziyanın birinə vəsait ayırırıq, o birilərinə ayırmırıq. Əlavə onlar reklam da verirlər. Onda gəlin, dövlət televiziyasına və İctimai televiziyaya reklamların verilməsini qadağan edək ki, o biri televiziyalar yaşaya bilsinlər. Mən bilirəm ki, onlar çox böyük problemlər içərisindədirlər.
Mənim vaxtım azalır. Mən bu yaxınlarda Sabirabadda bir hüzur yerində olmuşdum. Əhali məndən Noxudlu yolu ilə bağlı bir xahiş etdi. Bir yol 43 kilometrdir, 18 kəndi əhatə edir. Bu kəndlərdə də 40 min əhali yaşayır. Uzun illərdir, bu yol plana salınır, amma hər dəfə maliyyə çatışmamazlığına görə tikilmir. Xahiş edirlər ki, bu yolun yenidən tikilməsinə hökumət xüsusi diqqət göstərsin və vəsait ayırsın.
Sonda, bir də onu söyləmək istəyirəm ki, bizdə məhkəmələrin sayı ümumi Avropa göstəricisindən xeyli azdır. Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropada bu rəqəm 20-dir. Ona görə də Ədliyyə Nazirliyinə vəsait ayırmaq lazımdır ki, heç olmasa, hakimlərin sayını 2 dəfə artıra bilsin. Bundan başqa, Bahar xanım bilir, keçən dəfə məsələ qalxdı ki, penitensiar sistemdə də vəziyyətin yaxşılaşdırılması üçün ora xüsusi vəsait ayrılmasına ehtiyac var. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Biz bu həftə ərzində dövlətimizin bəlkə də ən ciddi sənədi hesab olunan dövlət büdcəsi haqqında müzakirələr aparacağıq və yekdil qərara gələcəyik. Şübhə etmirəm ki, bu yekdil qərar müsbət olacaq. Çünki biz görürük ki, bu sənədlər ildən-ilə daha mükəmməl, daha ciddi, daha böyük professionallıqla işlənilib parlamentə təqdim olunur. Sevindirici haldır ki, ümumi büdcəmizin gəlirləri 2018-ci ildə əhəmiyyətli dərəcədə artmışdır.
Digər məmnunedici hal ondan ibarətdir ki, gördüyümüz kimi, sosial sahədə maliyyə cəhətdən irəliləyişlər vardır və heç bir dövlət əhəmiyyətli proqram ixtisar olunmayıb, əksinə, ona daha çox vəsait ayrılıb. Əlbəttə ki, hamımız istərdik ki, ayrı-ayrı maddələr üzrə xərclər smetası daha yüksək olsun. Məsələn, inkişafda olan və böyük proqramlar həyata keçirən səhiyyəmizə daha artıq məbləğ ayrılsın. Biz gələn il həkimlər ordusunun əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasına nail olaq. İstərdim ki, mədəniyyətin inkişafına, məsələn, milli kinomuza daha böyük məbləğlər ayrılsın. Çox istərdik ki, bir sıra əlil qruplarına, xüsusilə də anadangəlmə əlillərə verilən təqaüdlər artırılsın, çünki indiki məbləğ – 50–70 manat onların gündəlik ehtiyaclarını ödəyə bilmir. Cəmiyyətin bir çox başqa gözləntiləri də var, lakin biz başa düşürük ki, büdcə respublikada və dünyada gedən iqtisadi proseslərə uyğun olaraq hazırlanır və reallıqları əks etdirir. Mən bu büdcəni yüksək dəyərləndirirəm.
Eyni zamanda, bir sıra təkliflərimi və mülahizələrimi sizinlə bölüşmək istərdim. İlk növbədə ətraf mühitin qorunması ilə bağlı məsələ qaldırmaq istərdim. Müxtəlif illərdə dövlətin bu sahədə qərarları, tədbirlər planları mövcud olsa da, respublikada vəziyyət yenə də mürəkkəb olaraq qalır. Hesab edirəm ki, Nazirlər Kabineti gələn illər üçün mütləq ətraf mühitin qorunması istiqamətində xüsusi dövlət proqramını hazırlamalıdır, çünki biz bu sahədə bir çox Avropa ölkəsindən geri qalımışıq.
Söhbət bütün regionlarda mobil zibil poliqonlarının yaradılmasından, tullantıların yığılması və çeşidlənməsində müasir üsullardan istifadə edilməsindən, Bakıda və rayonlarda yen qapalı zibil qutularının yerləşdirilməsindən, icra hakimiyyətlərinə və bələdiyyələrə müasir kommunal texnikanın verilməsindən və bu kimi problemlərin həllindən gedir. Respublikada şüşə, plastik butulkalar, kağız kartonlar qəbul edən məntəqələr yaradılmalıdır. İndi bu məntəqələr var, lakin çox azdır. Bundan başqa, bütün Avropa dövlətlərində, hətta qonşu Rusiyada mağaza və supermarketlər ekoloji cəhətdən təhlükəsiz təkrar emal edilə bilən paket və kulokların istifadəsinə keçiblər. Uzunmüddətli olan plastik paketlər isə bu ölkələrdə pulla satılır. Bizdə də uzun müddət parçalanmayan, insanların sağlamlığı üçün təhlükəli olan plastik paketlər mütləq ödənişli olmalıdır.
Ekologiyanın qorunması sahəsində bir çox ictimai birliklər, qurumlar, misal üçün, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “İdeya” təşkilatı müəyyən işlər görməkdədir. Lakin hesab edirəm ki, bu sahəyə dövlət tərəfindən diqqət daha da artırılmalı və dünyada gedən müasir tendensiyaları nəzərə alaraq dövlət proqramı səviyyəsinə qaldırılmalıdır. Bu istiqamətdə sadalanan problemlərin həlli üçün müəyyən vəsaitin ayrılması məqsədəuyğun olardı.
Bu gün iclasda hökumət rəhbərlərinin olmasından yararlanaraq bir neçə məsələni də gündəmə gətirmək istərdim. Birinci problem əmlak məsələləri ilə bağlıdır. Şükür Allaha ki, bu sahədə ciddi irəliləyişlərə nail olmuşuq. Əvvəllər insanlar aylarla gedib-gəlirdilər ki, evləri, mənzilləri üçün əmlakı təsdiq edən sənədi – kupçanı alsınlar. Son dövrlərdə isə ölkə rəhbərliyinin tapşırığına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin qurumları rayon-rayon gəzərək, hətta həmin kupçaları vətəndaşlara evlərində, məhəllələrində təqdim edirlər.
Lakin digər bir xoşagəlməz proses müşahidə olunur. Adam özəlləşdirmə yolu ilə dövlətdən bir obyekt alır. Buna görə büdcəyə vəsait ödəyir, sonra isə sərmayə yatıraraq müəssisəni yenidən qurmağa başlayır. Bu vaxt kiminsə həmin əraziyə gözü düşür, ədalətli qiymət ödəyərək obyekti və torpağı almaq əvəzinə məhkəmələrə müraciət edir. Məhkəmə isə çox vaxt mülkiyyətçinin adına qeydiyyatı ləğv edir. Belə hallar həm yerli, həm də xarici sərmayəçiləri ciddi şəkildə narahat edir, onların özəlləşdirmə prosesinə marağını azaldır, ölkə iqtisadiyyatına sərmayə qoymaqdan çəkindirir.
Digər misal Bakıda sökülən çoxmərtəbəli evlərlə bağlıdır. Mənə bu barədə sakinlər artıq bir çox şikayətlər göndərirlər. Söhbət ondan gedir ki, Təbriz, İzmir və digər mərkəzi küçələrdə yerləşən sakinlərin yaşayışı üçün heç bir təhlükə yaratmayan evlər sökülür və bu halda ev sahiblərinin mülkiyyət hüquqları ciddi şəkildə pozulur. Heç də hamı bu evlərdən köçmək istəmədikləri halda onları çox vaxt mənzillərdən məcburən çıxardaraq evləri sökməyə başlayırlar. Hətta KİV-dən öyrəndik ki, məsələn, Nərimanov rayonunda Mədəniyyət Nazirliyinin himayəsində olan arxitektura əhəmiyyətli binalar sökülür. Halbuk sökmək üçün Bakıda, məsələn, mikrorayonlarda tam yararsız hala düşən, öz ömrünü artıq çoxdan başa vuran “xruşovkalar” deyilən binalar çoxdur. Biz hələ görməmişik ki, bu “xruşovkaların” biri sökülsün. Əvəzində Bakının görməli yerlərində nisbətən təzə evlər sökülməkdədir.
Bilirsiniz, İslam dinimiz mülkiyyəti müqəddəs elan edir. Konstitusiyamıza da mülkiyyət hüququna Azərbaycan dövləti təminat verir. Ona görə də insanın mülkiyyət hüquqları bütün mənalarda qorunmalı və tanınmalıdır. O cümlədən əgər biz istəyiriksə, həm yerli, həm də xarici sahibkar ölkəmizə investisiya qoymaqdan çəkinməsin, bu halda mülkiyyətçilərin əmlaklarının əlindən geri alınması prosesi birmənalı olaraq qadağan edilməlidir.
Bir neçə xahişim də deputat olduğum Masallı rayonu ilə bağlıdır. Əvvəla, müvafiq qurumlardan çox xahiş edərdim ki, rayonda daxili imkanlar hesabına tikilmiş ona qədər uşaq bağçası üçün lazımi avadanlıqlar verilsin.
İkinci xahişim odur ki, Masallı şəhər küçələrinin su-kanalizasiya çəkilişindən sonra asfaltlaşması üçün əlavə vəsait ayrılsın.
Nəhayət, Masallı rayonunda bir neçə qiymətli, tarixi abidənin bərpası üçün Mədəniyyət Nazirliyi vəsait ayırmalıdır. Çünki bizdə XIX əsrdən qalan hamam, məscid, Sərəfə kəndinin mədəniyyət evində Mikayıl Abdullayevin qiymətsiz rəsm əsərləri və digər qiymətli artefaktlar mövcuddur. Lakin onlar subtropik iqlimdə tez bir zamanda tam yararsız hala düşəcəklər və sonrakı illərdə onları bərpa etmək mümkün olmayacaq. Mən büdcəyə səs verəcəyəm və xahiş edirəm, mənim təkliflərimi nəzərə alasınız. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Əvvəla qeyd edim ki, cənab Prezidentin tapşırığı və sizin də hazırladığınız Strateji Yol Xəritəsi unikal bir sənəddir və bu prioritetlər 30 faiz həyata keçirilsə, hesab etmək olar ki, ölkədə heç bir problem qalmaz. Həm də Prezident bu Strateji Yol Xəritəsinin həyata keçməsi üçün istənilən icra strukturuna və məmura həmişə istənilən köməkliyi artıqlaması ilə edibdir.
Xeyli dəyişikliklərin olması da etiraf olunmalıdır. Həm kənd təsərrüfatı sahəsində, həm də qeyri-neft sektorunun digər sahələrində xeyli irəliləyişlər vardır və bir çox kadrların, icra strukturlarının rəhbərlərinin çox ciddi çalışmaları da ortadadır. Burada həmkarımız Cavid Qurbanovun əməyini xüsusilə qeyd etmək lazımdır. O işinə və Prezidentinə olan sədaqəti ilə qısa zaman ərzində ən geridə qalmış bir sahəni çox işlək bir vəziyyətə gətirib, ölkəyə xeyli vəsait gətirə biləcək bir sahə kimi ayağa qaldırıbdır. Amma hamı belə çalışmır, bu da etiraf olunmalıdır.
Mən bunu niyə xüsusi olaraq dedim? Bəzən vəsait üçün özünü çətinliyə salmaq istəməyənlər asan yol axtarırlar. Mən xüsusilə enerji daşıyıcılarının qiymətləri ilə bağlı demək istəyirəm. İqtisadi siyasətin əsas prioriotetlərindən biri olan istehlakçı inamının artmasının qarşısını alan səbəblərdən biri qiymətlərin artmasıdır. Enerji daşıyıcılarının qiymətləri bu il bir neçə dəfə artdı. Son vaxtlar benzinin qiyməti də artıbdır. Benzin, neft bizdə istehsal olunur. İmkanlarımız var ki, özümüz istehsal edən məhsulları vətəndaşlarımıza dünya bazarlarına çıxardığımız qiymətlərdən fərqli sataq. Amma bunu niyə edirik, bu, bir az anlaşılmazdır. Əgər büdcəni doldurmaq istəyiriksə, büdcəni doldurmaq üçün müxtəlif vasitələr vardır. Bunu hökumət üzvləri daha yaxşı bilirlər.
Amma mən qeyd edim ki, bunu bəzən etiraf etmirlər, demirlər. Büdcəni doldurmaq üçün büdcə kisəsinin yırtıqlarını bir az yamamaq lazımdır. Əgər büdcə belə vəziyyətdə qalarsa, o yırtıqlara yamaq vurulmazsa, ora nə qədər vəsait gəlsə də, orada qalmayacaq. Mən xüsusi olaraq banklardan son zamanlar oğurlanmış vəsaitləri, təkcə Beynəlxalq Bankdan 3 milyarda qədər vəsaitin oğurlanmasını, avantürist layihələrə kreditlərin ayırılmasını nəzərdə tuturam. Bu vəsaitlərin geri qaytarılması təmin olunmalıdır. Necə ki büdcə daxilolmalarında vergidən, gömrükdən vəsaitlər proqnozlaşdırılıb, eyni ilə bu vəsaitin geri qaytarılması proqnozlaşdırılmalıdır. Yəni vaxt qoyulmalı, vəsaitlər müəyyənləşməli və onların geri qaytarılması təmin olunmalıdır.
Xeyli problemlərimiz var. Məsələn, ən azından 5 min dollara qədər krediti olan imkansız adamların bu vəsaitlərin hesabına kreditlərini bağlamaq mümkündür. Təsəvvür edin, cənab Prezident sərəncamla o kreditləri bağışlaya bilər və nəticədə nə qədər adam sevinə bilər. Çünki o adamlar bu kreditləri müalicə almaq, minimum maddi ehtiyaclarını ödəmək üçün götürüblər. Bunlar daha avantürist layihələr üçün götürülən 200–300 milyonluq kredit deyil. Bunu düşünmək lazımdır və həmin vəsaitlərin qaytarılması ilə bağlı təbirlər görülməlidir.
Mən niyə bu məsələyə kökləndim? Qlobal böhran dövründə təbii ki, Azərbaycanda da bəzi çətinliklər, vəsaitə ehtiyac var idi. Mənə çox qəribə gəlir. Bu adamlar həbs olunandan sonra məlum olur ki, milyardlarla vəsaitləri var imiş. O dönəmdə ya Prezidentə, ya da başqalarına təklif olunmayıb ki, vəsaitləri gətirib bura qoyuruq, ölkə vəziyyətdən çıxsın, sonra yenə leqal yolla, qanuni yolla pul qazanarıq. Deməli, bu adamlar özlərindən başqa heç kimi düşünmürlər. Ona görə də Gürcüstanın təcrübəsindən istifadə edib bu vəsaitləri, millətin varını-dövlətini yenidən millətə qaytarmaq üçün yollar axtarmaq lazımdır. Bu, məncə, çox ciddi məsələdir. Mən hesab edirəm ki, cəmiyyətdə gedən söz-söhbət də ona əsas verir ki, bu məsələnin üstündən, sadəcə olaraq, keçib getməyək.
Bayaq çıxışların bir neçəsində qeyd olundu, mən hesab edirəm ki, Dağlıq Qarabağla, müharibə ilə bağlı əhvali-ruhiyyənin hiss olunması lazımdır. Bizim büdcədən barıt iyi gəlməlidir. Elə tədbirlər görülməlidir ki, Ermənistan tərəfi, onun arxasında duran qüvvələr hiss etsinlər ki, Azərbaycan bu müharibəni yaşayır, hər gün onunla nəfəs alır.
Büdcə özü nədir? Büdcə sənədi hökumətin növbəti ildə fəaliyyətidir. O burada öz əksini tapır. Məsələn, itkilərimizlə bağlı təkcə elə hesab edirik ki, neftin qiyməti düşdü, qalxdı və sair. 20 faiz ərazimizdən, əmlakımızdan, yeraltı, yerüstü sərvətlərimizdən istifadə edə bilmirik. İstifadə edə bilməməyimiz bir yana, hələ o vəsaitlərdən də ermənilər istifadə edirlər.
Dünya təcrübəsindən görmüşük, müharibə aparan ölkələrdə dövlət işğal olunmuş ərazilərdən çəkiləndə strateji yerləri – körpüləri, binaları, zavodları, mədənləri sıradan çıxarır ki, düşmən onlardan istifadə etməsin. Onlar bu gün mədənlərdən, başqa yerlərdən milyardlarla dollar vəsait aparırlar. Biz yollar axtarmalıyıq, ya həmin şirkətlərin məxsus olduqları dövlətlər qarşısında məsələ qaldırmalıyıq ki, bu məsələyə son qoysunlar, ya da mən primitiv bu üsul deyirəm. Bu, duyğusal səslənməsin. “Yer-yer” tipli raketlərlə həmin mədənləri, zavodları, yolları vurmaq lazımdır ki, onlar vəsaitləri daşıyıb aparmasınlar. Bunlar bizim büdcəmizdən gedir. 20 ildir ki, onlar talayıb aparırlar. Yəni bu tipli məsələləri büdcə layihələrində əks etdirməklə həm də düşmənə göstərməliyik ki, bizim fəaliyyətimiz bütün hallarda, cənab Prezident son dəfə çıxışında dediyi kimi, istənilən vasitələrlə torpaqlarımızın azad olunmasına yönələcəkdir.
Mən çox uzun danışmaq istəmirəm. Hər il büdcə müzakirələrində iqtisadiyyatın mümkün qədər liberallaşdırılması, dövlətin iqtisadiyyatda rolunun azaldılması, maliyyə sektorunda islahatların aparılması, kommunal sektorun özəlləşdirilməsi məsələlərini deyirəm, amma çox təəssüf, heç nə olmur. Bayaq burada deyildi; 30 rayon özünü maliyyələşdirir, qalan rayonlara yenə dotasiya verilir. Azərbaycanda elə rayon yoxdur ki, spesifik yerli xüsusiyyətlərə uyğun olaraq özü-özünü dolandırmaq imkanı olmasın. Elə etmək lazımdır ki, artıq onlar büdcəyə yük olmasınlar. Bu məsələlərlə bağlı uzun-uzun danışmaq fikrim yoxdur. O təkliflərim də aktuallığını saxlayır. Hesab edirəm ki, səsləndirdiyim fikirləri hörmətli hökumət üzvləri nəzərə alacaqlar. Hesab edirəm ki, belə gözəl proqramın hazırlanması, – mən Strateji Yol Xəritəsini nəzərdə tuturam, – son zamanlar qeyri-neft sektorunda heç kimin gözləmədiyi halda bizi yaxşı mənada təəccübləndirən addımın atılması göstərir ki, digər məsələləri də həyata keçirmək imkanları vardır. Mən gələcəkdə hökumətin işinə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputat həmkarlarım! Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri üçün çox sevincli bir gündür. Partiyamızın yaranmasının 25 illik yubileyidir. 1992-ci ildə ağır bir şəraitdə, Azərbaycanın böhran keçirdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin adı ilə, onun ideyalar ilə yaranan bir partiya 25 ildə şərəfli bir yol keçdi. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasətinin avanqart siyasi təşkilatıdır. 700 minə qədər üzvü, milyonlarla seçicisi olan bir partiyanın tarixi bu gün Azərbaycan tarixi ilə paralel gedir və Yeni Azərbaycan Partiyası öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirərək seçicilərin etimadını doğrultmağa çalışır.
Bu münasibətlə mən partiyanın sədri hörmətli Prezidentimiz cənab İlham Əliyevi ürəkdən təbrik edirəm və partiyanın fəaliyyətindəki böyük rolunu qeyd etmək istəyirəm. Nə qədər ki, Azərbaycan Heydər Əliyev yolu ilə gedir, nə qədər ki Azərbaycan öz taleyini Yeni Azərbaycan Partiyasına tapşırır, həmişə uğurlar qazanacaq və müstəqilliyimiz daha da möhkəmlənəcək.
Bizə təqdim edilən 2018-ci ilin büdcə layihəsinin analizi göstərir ki, bu, əslində, dünənin, bu günün və sabahın iqtisadi analizidir. 2015-ci ildən başlayaraq neftin qiymətinin kəskin surətdə – 4 dəfə aşağı düşməsi, ABŞ dollarının uçot dərəcəsinin ildə bir neçə dəfə artması və eyni zamanda, bir neçə digər faktor Azərbaycanda müəyyən problemlər yaratdı. Milli valyutanın məcburi devalvasiyası, həmçinin digər məsələlər Azərbaycan büdcəsində müəyyən ixtisarlara səbəb oldu. Ancaq buna baxmayaraq, kiçik bir müddətdə Azərbaycan bu zolaqdan çıxa bildi. Digər dövlətlərdə belə problemlər yaşananda həmin problemlərdən çıxmaq üçün on illiklər sərf edilib. Amma iki ildən sonra, bizə gələn ilin büdcəsi 20 faiz artımla verilir.
Azərbaycan valyutası artıq sabitləşib. Cənab Prezidentin rəhbərliyi, hökumətin fəaliyyəti, Mərkəzi Bankın və eyni zamanda, Maliyyə Nazirliyinin gərgin zəhməti nəticəsində bu gün biz sabit milli valyutaya malikik. Bu gün biz artıq qarşımıza böyük məqsədlər qoyuruq və Azərbaycan özünün daxili imkanları hesabına Bakı–Tbilisi–Qars, Şimal–Cənub Nəqliyyat Dəhlizi kimi böyük layihələri həyata keçirir. Gələn ilin büdcəsini mən məqbul hesab edirəm. Hesab edirəm ki, bütün sahələr optimal şəkildə nəzərə alınıb.
Sevindirici haldır ki, artıq neçə illərdir Azərbaycanda İqtisadi və Sosial İnkişaf Mərkəzi paytaxtdan regionlara keçib. Hörmətli iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin çıxışında təmsil etdiyim Mingəçevir şəhərində gələn ilin birinci rübündə açılacaq Mingəçevir texnoparkı ilə bağlı məlumat bütün mingəçevirlilərin ürəyindəndir. Gələn il ardıcıl surətdə zavodlar işə düşəcək, 5000-ə qədər şəhər sakini işlə təmin ediləcək. Bu isə Mingəçevirin ənənəvi sənaye şəhəri statusunun daim qalmasına və yüksəlməsinə səbəb olacaqdır.
Digər sahələrdə diqqətimi cəlb edən sosial sahələrə ayırmaların sabit qalması və artırılması, regionların sosial inkişafı ilə bağlı ciddi işlərin nəzərdə tutulmasıdır. Bununla belə, bir neçə təklifim olacaq. Təkliflərim məsləhət xarakteri daşıyır və mən təkid etmirəm ki, səsləndirdiyim təklif yeganə həll variantı kimi qəbul edilə bilər.
Birinci təklifim təhsillə, daha doğrusu, təhsil krediti problemi ilə bağlıdır. Bu məsələ vaxtaşırı parlamentimizdə, ictimai müzakirələrdə səslənir, təhsil nazirliyi bununla bağlı çox ciddi işlər görür. “Maarifçi” Tələbə Kredit Fondunun yaradılması, yeni layihələrin nəzərdən keçirilməsi zaman-zaman ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi probleminin həll ediləcəyinə ümid verir. Ancaq bununla belə, bu gün vəziyyət bundan ibarətdir ki, Azərbaycanda 162 min ali məktəb tələbəsi var, amma ötən il, səhv etmirəmsə, cəmi 200 nəfər həmin fonddan kredit ala bilibdir. Bu çox ciddi məsələdir. Bu yaxında mətbuatda oxudum ki, 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini yarımçıq qoyur. Bu sadəcə, bir rəqəm deyil. Bu, 7 min faciə yaşayan ailə deməkdir. Bu, 7000 nəfər təhsilli vətəndaşımızdan məhrum olma deməkdir. Buna görə də hesab edirəm ki, bu istiqamətdə yeni addımlar atılmalı, yeni layihələr həyata keçirilməlidir. Mənim təklifim ondan ibarətdir ki, təhsilə yardım fondu yaradılsın. Belə bir təcrübə bizdə var. Vaxtı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradıldı. Hazırda orada 100 milyon manata qədər vəsait yığılıb. Azərbaycan xalqı həmişə gənc nəslin təhsilinə böyük diqqət edib. Ona görə də həmin yanaşma ilə gəlin təhsilə yardım fondu yaradaq və o, bütün ali məktəb tələbələrini əhatə edə bilsin.
İkinci təklifim barədə burada deyildi. Gələn ilin büdcə layihəsində sosial evlərin tikintisi üçün 250 milyon manata qədər vəsait ayrılıb. Bu, yaxşı rəqəmdir, artımı, dövlətin bu məsələyə böyük diqqətini göstərir. Gələn il artıq Bakı şəhərində ilk layihə nəticəsini verəcək. 2 minə qədər ailə sosial evlərdə mənzil ala biləcək. Amma hesab edirəm ki, artıq sosial evlər layihəsinin Bakıdan kənara çıxaraq regionlara ayaq açmasının vaxtıdır. Artıq sənaye şəhərləri olan Gəncədə, Mingəçevirdə, Şirvanda, Şəkidə, Lənkəranda sosial evlərin tikilməsinə çox böyük ehtiyac vardır. Necə, nə cür, mən bunu bilmirəm. Amma seçicilər görüşlərdə bu məsələnin ciddi şəkildə qaldırırlar və kömək istəyirlər.
Bir məsələni də qaldırmaq istəyirəm. Bu məsələ ilə vaxtaşırı hamımız rastlaşırıq. Bakının mərkəzi küçələrində avtomobil tıxacı məsələsi artıq gündəlik müzakirə edilən və hər birimizin gündəlik əziyyət çəkdiyi məsələlərdən biridir. Bu problemin həll edilməsi üçün dövlət tərəfindən çox ciddi işlər görülür. Küçələr genişləndirilir, yeraltı, yerüstü keçidlər tikilir, körpülər salınır və sair. Ancaq bir problem həll edilməsə, mənə elə gəlir ki, tıxac problemi yenə qalacaqdır. Bu ondan ibarətdir ki, genişlənən, yeni çəkilən küçələrin sağ və sol tərəfi sadəcə olaraq, tutulur. 4 cərgəli, 6 cərgəli avtomobil yolunun cəmi iki cərgəsindən istifadə edilir. Yaşadığım küçədə isə 4 cərgənin 3-ü gün ərzində avtomobil dayanacağı kimi istifadə edilir. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti parkomatlar qoymaqla problemi həll edilmiş hesab edir. Amma hesab edirəm ki, bu, ciddi məsəldir.
Bununla bağlı müxtəlif variantlar var. Mən müəyyən iş adamlarına “niyə hündürmərtəbəli avtomobil dayanacaqları tikilməsin” sualını verirəm. Cavab isə bundan ibarət olur ki, ora çəkilən xərci sonradan çıxarmaq mümkün olmur. Sonradan avtomobilin bir saat saxlanılması üçün qoyulan qiymət o xərci çıxarmağa imkan verməyəcək. Elə isə gəlin, düşünək. Bəlkə onları vergidən azad edək? Necə ki, biz uşaq bağçalarının tikintisinə özəl biznesin marağının artması üçün onları vergidən azad edirik. Gəlin, biz onları vergidən azad edək. Eyni zamanda, bəzi xarici ölkələrdə belə bir variant var. Hündürmərtəbəli avtomobil dayanacaqları tikən şirkətlər dövlətə vergi vermirlər. Dövlət hər ay onlara ödəniş edir ki, həmin yerlərdə hər avtomobilin bir saat saxlanma qiyməti vətəndaşların cibinə uyğun olsun.
Sonuncu məsələ. Bizdə qanunda var, əgər valideynlərdən biri vəfat edibsə, digər valideyn ikinci qrup əlildirsə, onların övladları ali məktəbdə ödənişli təhsil alırsa, dövlət hesabına ödəniş edilir. Bu yaxınlarda Mingəçevirdə bir ana mənə müraciət etdi. Həyat yoldaşı vəfat edib, özü çox aşağı maaş alır. Bir övladı ödənişlidə oxuyur, o biri övladı isə ikinci qrup əlildir. Elə isə bunun özünün, yaxud da övladlarından birinin ikinci qrup əlil olmasının fərqi varmı? Ona görə də təklif edirəm ki, qanunumuzda müvafiq dəyişiklik edilsin. Eyni zamanda, Maliyyə Nazirliyi nəzərdən keçirsin, əgər ailədə valideynlərdən biri yoxdursa, amma övladlardan biri ikinci qrup və yaxud birinci qrup əlildirsə, digər övlad təhsil haqqından azad edilsin. Büdcə layihəsini məqbul hesab edirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlarım və media mənsubları! Təbii ki, mən də bu büdcə sənədinə səs verəcəyəm və inanıram ki, cənab Prezidentin rəhbərliyi ilə üzümüzə gələn ildə də ölkəmizdə çox böyük işlər görüləcək.
Mən ilk öncə millət vəkili seçildiyim Tovuz rayonu ilə bağlı danışmaq istəyirəm, çünki Tovuz cəbhə rayonlarından biridir. Burada bir sıra məsələlərin çox böyük vəsait tələb olunmadan həlli, əslində, mümkündür. Ona görə də mən buradan bəzi qurumlara çağırış etmək istəyirəm.
İlk öncə “Azərsu”nun rəhbəri çox hörmətli Qorxmaz müəllimə səslənmək istəyirəm. Qorxmaz müəllim bu problemi bilir, biz bunu dəfələrlə qaldırmışıq. Tovuz şəhərinin iki addımlığında 5 böyük kəndin və 20 mindən artıq əhalinin içməli suyu yoxdur. Bu əhali pulla içməli su alır. Cəmi 4–5 artezian var. O artezianların suyu da həm əkin üçün, həm də içmək üçündür. Bu çox ciddi bir problemdir və mən Qorxmaz müəllimdən xahiş edirəm, 4–5 kənddə bu layihəni həyata keçirmək və bu insanların ciddi problemini həll etmək olar. Bu məsləyə baxılacağı vurğulanırdı. Mən burada hökumət üzvlərinin hamısının iştirakını nəzərə alaraq bu məsələyə baxılmasını xahiş edirəm.
Tovuzun çox ciddi su problemi var. Bununla bağlı Nazirlər Kabinetinə təkliflərlə müraciət edilib. Dağlarda ən azı 500-ə yaxın bulaq var və oradan gələn suların qarşısına 7–8 ehtiyat su anbarı tikərək oraya yaxın kəndlərin içməli su problemini müəyyən dərəcədə həll etmək mümkündür. Bunlar çox bahalı layihələr deyil və mən “Azərsu”nun rəhbərliyindən xahiş edirəm ki, Tovuzdan gələn bu təkliflər rəsmi şəkildə dəstəklənsin.
Hörmətli kənd təsərrüfatı nazirimiz Tovuzda da olmuşdu. Tovuz kənd təsərrüfatı rayonudur, əhalinin dolanışıq yeri kənd təsərrüfatıdır. Amma bu illər insanların əkin sahələri susuzluqdan yandı. Meliorasiya və su təsərrüfatı qurumlarından xahiş edirik ki, Tovuzda yaşanan bu faciələrin qarşısını almaq üçün təxirəsalınmaz işlər görülsün, bəlkə Kür çayından əlavə mənbələrlə nələrsə etmək mümkün olsun. Bunu xahiş etmək istəyirəm.
“Azəriqaz”ın rəhbəri buradadır. Tovuz rayonunun 104 yaşayış məntəqəsindən 48-i hələ də qazlaşdırılmayıb. Mən Əkbər müəllimə üz tutaraq demək istəyirəm ki, gələn ilin planına da, sadəcə, 3 kəndin salındığı söylənilir. O kəndlərdən biri də mənim hər il burada səsləndirdiyim qaçqınların yaşadığı Hunan kəndidir. Qaçqınların yaşadığı o kənd çox kasıb bir kənddir. Hər il deyilir ki, o kəndin məsələsi bu ilin büdcəsində həll olunacaq, amma qalır. İndi də deyilir ki, gələn ilin büdcəsində həll olunacaq. Bu məsələnin öz həllini tapması lazımdır. 48 yaşayış məntəqəsinin qazlaşdırılmaması nəticəsində meşələr qırılır və bunun nəticəsində bulaqlar quruyur. Bu problemi diqqətə almalıyıq.
Hörmətli təhsil naziri Mikayıl müəllim, sağ olsun, onunla çox yaxşı çalışırıq. Tovuzda 14 məktəb qəzalı vəziyyətdədir. Biz bilirik ki, bu problemlər addım-addım həllini tapır. Amma, Tovuzun iki böyük kəndinin – Abulbəyli və Bozalqanlı kəndlərinin bir məktəbi var. Bu məktəb səkkiz mindən artıq əhalini əhatə edir. Sovetlər dövründən bu günə qədər Azərbaycanın ən yaxşı məktəblərindən biridir. Amma o məktəbdə döşəmələr çürüyüb və hər şey çox ağır vəziyyətdədir. Ənənələri olan bu təhsil ocağı bütün respublikada Məhər Quliyevin məktəbi kimi tanınır. Bu məktəblə bağlı xahiş edirik, kollektivin istəklərini nəzərə alasınız.
Yataqxanalarla bağlı məsələyə toxunmaq istəyirəm. Kənd rayonlarını təmsil edən millət vəkillərinin avqust ayından ən böyük problemi bununla bağlı olur. Təhsil alacaq uşaqlar harada qalacaqlar? Bakı Dövlət Universitetinin bir dənə də yataqxanası yoxdur. Bizim bir neçə böyük universitetimizin yataqxanaları yoxdur. Kənddən gələn uşaqların Bakı şəhərində kirayədə qalması çox çətindir. Ailələrin çoxu uşağını oxuda bilmir. Ona görə xahiş edirik, heç olmasa, bu ilin büdcəsində bu məsələ qismən də olsa, öz həllini tapsın. Bu, kənd rayonlarında təhsilin keyfiyyətinə təsir göstərəcək.
Aydın müəllim təhsil kreditləri ilə bağlı dedi ki, “Maarifçi” Tələbə Kredit Təşkilatı yaranıb. Biz bunun hamısını alqışlayırıq, amma təhsil kreditləri ilə bağlı məsələnin ciddi şəkildə genişlənməsinə ehtiyac var, çünki bu bizim təhsilimizin inkişafına yaxşı təsir edəcək amillərdən biridir.
Mən digər bir məsələni də burada vurğulamaq istəyirəm. Bir az öncə hörmətli Elman müəllimlə də danışdım. Hər həftə bir bank rəhbərinə xahiş, minnət edirik ki, kreditə görə kiminsə evi satışa çıxarılır. Yalvarırıq ki, bu ailə çöldə qalacaq, onlara zaman verin. Elman müəllim, Qazaxıstanın təcrübəsi var. Onlar da devalvasiyaya görə bu problemi yaşadılar. Bizdə də ola bilməzmi ki, dövlət banklara, banklar da vətəndaşlara kreditin qaytarılmasında bir az zaman tanısın. Yəni ləğv etməkdən və güzəştdən söhbət getmir. Vaxt uzadılsın ki, insanlar bunu verə bilsin, çünki devalvasiyadan sonra bu iş çətinləşib və biz ciddi sosial problemlərlə üzləşəcəyik. Bu məsələyə baxılacaqmı? Məsələn Qazaxıstan bu addımı atdı, bizdə belə bir fikir, düşüncə varmı, onu bilmək istərdim.
Məlahət xanım şəhid ailələri ilə bağlı məsələ qaldırdı. Bu ailələr bizim başımızın tacıdır, bizim üçün müqəddəsdir. Sığorta pulunun verilməsi ilə bağlı bizim onlara veriləcək cavabımız olmur. Bu ildən başlayaraq hansısa addımlar atılacaqmı? Çünki bu adamlar gəlir, bu məsələni qaldırırlar, millət vəkili olaraq onlara cavab verə bilmirik. Bu məsələ ilə bağlı bir neçə il içərisində, addım-addım olsa da, bir iş görüləcəkmi? Bunu bilmək istərdim, çünki bu çox həssas məsələdir. Ailələr bunu çox həssaslıqla qaldırırlar və ehtiyacları olduğunu da ciddi şəkildə söyləyirlər.
İpoteka, sosial evlər layihəsi ilə bağlı bir neçə kəlmə demək istərdim. Bu ən vacib layihələrdən biridir və hamımız bunu dəstəkləyirik, alqışlayırıq. Amma orta məktəb müəllimləri xahiş edirlər ki, onların bu layihələrdən yararlanma imkanlarına xüsusi olaraq baxılsın. Çünki orta məktəb müəllimlərinin ipoteka kreditlərindən yararlanmasında da ciddi çətinliklər var. Gələcəyimizi müəllimlər yetişdirir, ona görə də müəllimlərə xüsusi yanaşmanın olmasını çox istərdik.
Ölkəmizdə səhiyyə ilə bağlı çox işlər görülür. Cənab Prezidentimizin və hörmətli Mehriban xanımın rəhbərliyi ilə önəmli işlər görülür. Amma səhiyyə sahəsində çox ciddi məsələlər var. Xəstəliklərin sayı artır, xəstəliklər cavanlaşır. Təbii ki, tibbi sığorta olmadan istənilən nəticələri əldə etməyimiz də çətindir. İki rayonda pilot layihə həyata keçirildi. Amma çıxışlarda bununla bağlı fikir eşitmədiyimizə görə bilmək istəyirik ki, bu pilot layihələrin gələn il, bir neçə rayonda da tətbiqi ilə bağlı proqram varmı? Yən bu layihə nə qədər davamlı olacaq, çünki bu layihə ən vacib məsələlərdən biridir. Məsələn autizmli xəstələrin proqramı. Oqtay müəllim buradadır, bu ailələr üçün çox çətindir.
Bir məsələni də deyim. Milli Kulinariya Mərkəzinin kollektivi bizimlə görüşə gəlmişdi. Onlar xahiş elədilər ki, mədəniyyətin təbliğində, turizmin inkişafında milli kulinariya çox önəmlidir, amma onlara çox az vəsait ayrılır. Hətta qonşu respublikalarla müqayisədə dəfələrlə az vəsait ayrılır. Bu vəsaitin bir az artırılması məsələsinə baxıla bilərmi ki, onlar beynəlxalq tədbirlərdə mətbəx mədəniyyətimizi daha geniş təbliğ edə bilsinlər. Təşəkkür edirəm, bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, media təmsilçiləri! Təqdim edilmiş qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb. Mən də digər millət vəkilləri kimi, bunu yüksək qiymətləndirir və təbii ki, ona səs verəcəyəm.
Dünya iqtisadiyyatında hələ də davam etməkdə olan mənfi meyllərə qarşı görülən təsirli tədbirlər, aparılan islahatlar ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmiş, ölkəmizi iqtisadi və sosial kataklizmlərdən qoruya bilmişdir. 2017-ci ildə hökumətimiz ciddi uğurlara və yeniliklərə imza atmışdır və bütün bunlar təqdim edilmiş qanun layihəsində öz əksini tapmışdır. İstərdim ki, onların bəzilərinin üzərində dayanım.
İlk növbədə Bakı–Tbilisi–Qars dəmir yolunun üzərində dayanmaq istərdim. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa ideyası ilə reallaşan layihədir və Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycana çox ciddi iqtisadi və siyasi dividentlər gətirəcəkdir. Yəni belə deyək, Çindən Avropanın mərkəzinə doğru irəliləyən yük qatarlarının Azərbaycanda da dayanması mümkün olacaqdır və bu, başqa mənada Azərbaycanda sahibkarlığın inkişafına, heç şübhəsiz ki, öz töhfəsini verəcəkdir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsində, sözsüz ki, Bakı–Tbilisi–Qars dəmir yolu öz müsbət rolunu oynayacaqdır.
Mən bunun həm də beynəlxalq əhəmiyyəti üzərində dayanmaq istəyirəm. Transmilli xarakter daşıyan Bakı–Tbilisi–Qars dəmir yolu müxtəlif sivilizasiyaların qovuşmasında, iqtisadi cəhətdən inteqrasiya olunmasında da ciddi rol oynayacaq ki, bu da Azərbaycanın bəşəriyyətə vermiş olduğu çox əhəmiyyətli töhfələrdən biridir.
Sənaye parklarının yaradılması qeyri-neft sektorunun inkişafına müsbət təsirini göstərməkdədir. İlk sənaye parkı Sumqayıtda yaradıldı. Sumqayıtda kimya sənaye parkı gələn il özünün konkret nəticələrini verəcək və mən tam əminəm ki, bu nəticələr Azərbaycan büdcəsinə kifayət qədər vəsaitin daxil olmasını təmin edəcək, iş yerlərinin açılmasına və əhalinin məşğulluğuna müsbət təsir göstərəcəkdir.
Burada söylənildi ki, Bakı çox yüklənib. Bəli, Bakıda sənaye müəssisələri var. Lakin hörmətli millət vəkilimizin söyləmiş olduğu fikrin alternativi olaraq demək istərdim ki, ölkə Prezidenti son zamanlar iqtisadiyyatın, eyni zamanda, sənaye parklarının coğrafi mənada şaxələnməsinə xüsusi diqqət yetirir. Baxın, son vaxtlar sənaye parkları harada yaranır? Mingəçevirdə, Masallıda, Neftçalada və digər rayonlarda da bu sənaye parklarının yaradılması gözlənilir.
Ötən il maliyyə sabitliyinin yaradılması üçün maliyyə institutları öz üzərinə düşən vəzifəni yerinə yetirmişlər. Xüsusi olaraq manatla bağlı Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər öz müsbət təsirini göstərmişdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkədə maliyyə sabitliyinin yaranması, xüsusi olaraq xalqımızın banklara olan borcunun qaytarılması ilə mövcud problemlərin aradan qaldırılması üçün yeni yaranmış olan və xalqın çox böyük ümidlər bəslədiyi Maliyyə Bazarlarına Nəzarət Palatası özünü doğrultmamışdır. Bu bizdə, əlbəttə, böyük təəssüf hissi doğurur.
Dövlət Əmlak Komitəsinin keçən il keçirmiş olduğu hərracların xüsusi əhəmiyyətini qeyd etmək istərdim. Ola bilsin ki, burada büdcəyə daxil olmuş vəsait o qədər də böyük rəqəmlə ölçülmür. Lakin hərracla özəlləşdirilən əmlaklar sahibkarlara təqdim olunursa, deməli, bunlar sahibkarlığın inkişafına, eyni zamanda, yeni iş yerlərinin açılmasına hədəflənmiş addımlardır və ümidvaram ki, 2018-ci ildə də bu iş davam etdiriləcək.
Kənd təsərrüfatı ilə bağlı burada müsbət fikirlər söylənildi, mən onları dəstəkləyirəm. Ölkə Prezidentinin 2017-ci ildə kənd təsərrüfatı ilə bağlı zonalarda keçirmiş olduğu müşavirələr ənənəvi kənd təsərrüfatı sahələrinin bərpasına özünün çox müsbət təsirini göstərmişdir və ümidvaram ki, yaxın illərdə biz daha ciddi uğurların şahidi olacağıq. Burada İsveçlə Azərbaycanı müqayisə etdilər. Düşünürəm ki, bu çox qüsurlu bir müqayisədir. İsveç Avropanın ən qocaman dövlətlərindən biridir və tarixi araşdırsaq görürük ki, onun müstəqilliyinə bu və ya digər şəkildə təhlükə törədən heç bir hal yoxdur. Əksinə, o, hər zaman Baltikyanı coğrafi məkanda özünün hegemonluğunu saxlayıb. Azərbaycan isə cəmi 25–26 ildir, müstəqillik qazanıb. Bunun 15 ilini daxili quruculuğa, ölkənin iqtisadi inkişafına və digər sahələrə yönəltmişik. Zaman gələcək ki, Azərbaycan İsveçdən də, dünyanın ən aparıcı dövlətlərindən də öndə olacaq, çünki ölkə Prezidentinin yol xəritəsi bütün bunları deməyə əsas verir.
Sahibkarlığın inkişafı ilə bağlı ciddi işlər görülmüşdür. Sahibkarlığın ümumi inkişafı özəl sektorun ümumi daxili məhsulun həcminin 80 faiz təşkil etməsi dediyimizə misaldır ki, bu baxımdan İqtisadi İnkişaf Nazirliyinin görmüş olduğu işləri müsbət qiymətləndirmək lazımdır.
Əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən islahatlar davam etmişdir. Ölkə Prezidentinin birbaşa təşəbbüsü ilə ünvanlı sosial yardımın ailə təsərrüfatı ilə, ailə məşğulluğu ilə əvəzlənməsi çox mütərəqqi bir addımdır. Birinci, bu məşğulluğu təmin edir, ikinci, neqativ halların aradan qaldırılmasına özünün müsbət təsirini göstərir. Eyni sözləri ailə əməyinə əsaslanan təsərrüfat sahələrinin yaranmasına da aid etmək olar. Bu artıq Balakəndə və Masallıda yaranıb və ümidvaram ki, bunun coğrafiyası 2018-ci ildə daha da genişlənəcəkdir.
Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət başçısının müəyyən etdiyi proqram ardıcıl olaraq həyata keçirilir. Konkret olaraq bir misal çəkim. Qısa zaman kəsiyində Cocuq Mərcanlının gözəl bir qəsəbəyə çevrilməsi dediyimizə ən bariz nümunədir. Qaçqın və məcburi köçkünlərin mənzillərlə təmin olunması, sosial şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər müsbət dəyərləndirilməlidir. Sosial mənzillərin tikintisinə başlanılması da bu baxımdam əhəmiyyətlidir və düşünürəm ki, bunu da qeyd etməmək olmaz.
Bütövlükdə təqdim edilmiş olan qanun layihəsi necə deyərlər, ciddi xarakter daşıyan tənqidi fikirlərə hədəflənmiş deyil, kifayət qədər mükəmməl hazırlanıb. Ümidvaram ki, 2018-ci ildə uğurlarımız daha geniş olacaq.
Sonda mən Salyan rayonunun Xıdırlı kəndinin qazlaşdırılması ilə bağlı hörmətli həmkarımız Rövnəq Abdullayevə müraciət edirəm. Salyan demək olar ki, qazlaşdırılıb, orada bir neçə kənd qalıb. 2018-ci ildə də bu işin başa çatmasını gözləyirik. Bütövlükdə təqdim edilmiş qanun layihəsini müsbət dəyərləndirirəm və ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli deputat həmkarlarım, media mənsubları! 2018-ci ilin büdcəsi ilə bağlı deyilən müsbət məqamları qəbul edir və hesab edirəm ki, ümumi yanaşma müsbətdir. Eyni zamanda, 2018-ci ildə 1,5 faizlik artımın real olacağını qeyd etmək istərdim. Neftin dünya bazarında qiymətinin 45 dollar, yoxsa 45 dollardan yuxarı-aşağı olmasından asılı olmayaraq büdcə çərçivəsində qəbul edilən sosial öhdəliklərin hökumət tərəfindən yerinə yetirilməsinin real olması vacib məqamdır. Eyni zamanda, islahatlara, məcburi köçkünlərə və kənd təsərrüfatına əlavə vəsaitin ayrılmasını 2018-ci il büdcəsinin müsbət məqamları kimi qeyd eləmək olar.
Bununla yanaşı, bir sıra məqamlar var ki, onlarla bağlı təklifləri də qeyd etmək istərdim. Birinci, qeyd etmək istərdim ki, hər bir büdcə proqnozlaşdırılan zaman, xüsusən də neft ölkələrində neftin qiyməti ilə yanaşı, milli valyutanın məzənnəsi də proqnozlaşdırılır. Bu nöqteyi-nəzərdən əgər müqayisəli təhlil aparsaq, görərik ki, 2018-ci ildə Rusiya ucuz neft – ucuz rubl, Qazaxıstan ucuz neft – sabit tenge, Azərbaycan ucuz neft – qeyri-müəyyən manat mövqeyindədir. Ona görə xahiş edərdim ki, büdcə qəbul olunana qədər manatın dollara nisbətində proqnozlar müəyyənləşdirilsin. Çünki 2018-ci il və ondan sonrakı illərdə təqribi də olsa proqnozlar müəyyənləşdirilməsə, ciddi xarici investorların Azərbaycana gəlişində xeyli dərəcədə tərəddüdlər ola bilər. Bu, ciddi məsələdir.
İkinci, əgər biz yenə də MDB məkanının üç neft ölkəsini müqayisə etsək, görərik ki, Rusiya və Qazaxıstanda büdcənin neftdən asılılığının azaldılması siyasəti yeridilir. Azərbaycana da 2013-cü ildən sonra büdcənin neftdən asılılığının azaldılması siyasəti yürüdüldü, amma 2018-ci ildə yenə köhnə siyasətə qayıdılır. Büdcənin neftdən asılılığı siyasətinə qayıtmaq isə qlobal şoklardan Azərbaycan iqtisadiyyatının, Azərbaycan büdcəsinin asılılığının artırılması deməkdir. Ona görə də biz əgər Strateji Yol Xəritəsi qəbul etmişiksə və orada Dövlət Neft Fondundan büdcəyə ayırmaların qızıl qaydası müəyyənləşibsə, hesab edirəm ki, Azərbaycan hökuməti tərəfindən həmin qaydalara uyğun surətdə Dövlət Neft Fondundan büdcəyə ayırmalarda bir qayda yaradılması istiqamətində addımların atılması çox vacibdir.
Növbəti vacib məsələ ondan ibarətdir ki, əgər Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz saxlanılırsa, bu ona siqnaldır ki, istehsalla məşğul olan sahibkarlara kreditlərin verilməsi məsələsində, problem yaranacaq. Yaxud da əgər kreditlər veriləcəksə, o qədər yüksək faizli olacaq ki, onları qaytarmaq mümkün olmayacaq. Ona görə hesab edirəm ki, əgər o məsələdə bu cür sərt siyasət aparılırsa, heç olmasa, büdcədə bilavasitə real sektorun, istehsalın stimullaşdırıcı rolunun artırılması istiqamətində addımlar atılsın. Oqtay müəllim, bu yaxınlarda Azərbaycan Prezidentinin bu istiqamətdə, xüsusi bir fərmanı oldu. Çox gözəl bir fərmandır. Hesab edirəm ki, o fərmanda irəli sürülən məqamlar artıq 2018-ci ilin büdcəsində nəzərə alınmalıdır. Yəni əgər faiz dərəcələri yüksəkdirsə, onun bir hissəsini dövlət hər hansı isə bir fond vasitəsi ilə üzərinə götürə bilər. Məsələn, əgər 15 faizdirsə, onun 8 faizini iş adamı götürür, 7 faizi həmin fonddan ödənir. Beləliklə, mən hesab edirəm ki, həmin üsulla milyardlarla manat əlavə vəsaiti real sektora yönəltmək olar. Bu yaradıcı üsuldan istifadə edilməsini çox vacib hesab edirəm. Çünki indiki dövrdə neftdən kənar sahənin inkişafı, manat aclığını aradan qaldırmaq üçün irəli sürdüyüm həmin təklif bu gün çox vacibdir. O biri tərəfdən də bu artıq həm Strateji Yol Xəritəsində, həm də Azərbaycan Respublikası Prezidentinin bu fərmanında öz əksini tapır.
Büdcə sənədlərində göstərilib ki, 2018-ci ildə dövlət büdcəsinin sosialyönümlüyü davam etdiriləcək, əhalinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət kimi götürüləcək. Amma biz büdcənin xərclərinin strukturuna baxanda görürük ki, həmin o sosial xərclərə, – sosial xərclərə də daxili əməyin ödənişi, müavinətlər, dərmanlar və sair daxildir, – cəmi 148 milyon manat artacaq. Bu da 2,2 faiz deməkdir. Amma əsaslı xərclər isə 2 milyard 481 milyon manat artacaq ki, bu da 46 faiz artım deməkdir. Onda deməli, sosial xərclərin 1 manat artımına 17 manat əsaslı xərclər artacaq. Əgər belədirsə, onda həmin cümlə havadan asılı qalır və sosialyönümlülük harada qaldı? Bax bu məsələyə çox ciddi diqqət edilməsinə böyük ehtiyac var.
Azərbaycan böyük bir dövrdə dünya iqtisadiyyatının artım tempindən iki dəfə, bəzən üç dəfə artıq templə inkişaf edib. Gələn il isə Azərbaycan iqtisadiyyatının 1,5 faiz artması o deməkdir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından təqribən iki dəfədən çox aşağı templərlə artacaq. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox aşağı tempdir. Digər tərəfdən isə hökumətin 2018-ci il və ondan sonrakı orta dövr üçün templəri orta dünya göstəricisindən yuxarı götürməməsi isə bir çatışmazlıqdır. Bu qədər potensialı olan bir ölkədə orta əmək haqqı 526 manat – təhsil sahəsində 307 manat, səhiyyə sahəsində 215 manat, elm sahəsində 887 manat göstərilir. Amma Elmlər Akademiyasında kiçik elmi işçi 206–218 manat, elmi işçi 230–242 manat, böyük elmi işçi 242–254 manat, baş elmi işçi 252 manat, şöbə müdiri 450 manat pul alır. Hesab edirəm ki, bu, insanların, xüsusən də gənc mütəxəssislərin, ailələrini saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşması üçün əsaslardan biridir. Əgər müəllim, alim öz ailəsini repititorluqla saxlayacaqsa, onda elmi təhsili kim saxlayacaq? Bax bu nöqteyi-nəzərdən hesab edirəm ki, sadəcə, mexaniki surətdə maaşların artırılması yox, islahatları dərinləşdirib, genişləndirməklə buna nail olmaq lazımdır. Necə ki, təhsil sahəsində islahatlar aparılır, diaqnostika və sair vasitələrlə maaşlar artırılır, elm sahəsində, digər sahələrdə də həmin üsullardan istifadə edərək islahatları dərinləşdirmək olar.
Növbəti deyəcəyim məsələ bilavasitə problemli kreditlərlə bağlıdır. Hökumət bunu dondurmaq istəyir, amma bununla hər gün, hər həftə, hər ay onun həll şansını itirir. Bu problemi həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil.
Burada inflyasiyaya dair fikirlər yürüdüldü. Müsbət qiymətləndirirəm, amma hesab edirəm ki, yarımçıq xarakter daşıyır. Ona görə ki, Azərbaycanda ikirəqəmli inflyasiya üçün heç cür yer yoxdur. Təkcə yağın qiyməti yox, bütün ərzaq məhsullarının qiyməti artıb. Əgər bütövlükdə inflyasiya 14 faiz ətrafındadırsa, ərzaq məhsullarının qiyməti 18 faiz, əslində isə daha çox artıb. Bunun yarıdan çoxu isə süni inflyasiyadır, süni qiymət artımıdır. Bu isə monopoliya ilə bağlı olan məsələdir. Amma çox təəssüf ki, inflyasiyanı araşdıranlar bu məsələ ilə bağlı bir kəlmə söz demədilər. Aidiyyəti qurumlar əmək haqları artandan bir həftə sonra o monopoliyanın yeminə çevrilməsin deyə süni qiymət artımının qarşısının alınması istiqamətində addımlar atılmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri! Hörmətli nazirlərimiz 2018-ci ilin dövlət büdcəsi haqqında geniş məlumat verdilər. Burada dövlət büdcəsinin tərtibi ilə əlaqədar o qədər təriflər söylənildi ki, indi adam bilmir, haradan başlasın, harada qurtarsın.
Əlbəttə, 2018-ci ilin dövlət büdcəsi Hesablama Palatası sədrinin qeyd etdiyi kimi, “Büdcə sistemi haqqında” Qanuna uyğun tərtib edilib, bu, təqdirəlayiqdir. Xüsusilə 2018-ci ilin dövlət büdcəsində 20 faiz gəlirlərin artımının göstərilməsi, əsaslı vəsait qoyuluşunun iki dəfə artırılması, sənaye park və məhəllələrin yaradılması, kənd təsərrüfatına qoyulan əlavə sərmayə və sair müsbət hal kimi qiymətləndirilməlidir. Mən belə hesab edirəm ki, 2018-ci il üçün prioritet sahə, əsasən, Azərbaycanda sənayenin inkişafı, yeni parkların yaradılması, bir də, turizm sektorunun beynəlxalq standartlara cavab verən tələblər səviyyəsinə qaldırmasıdır. Yəni bu məsələlər 2018-ci ilin büdcəsində öz həllini tapmalıdır.
Bununla bərabər, bır sıra məqamlar var ki, bəzilərinə Əli müəllim toxundu, bəzilərini də mən nəzərinizə çatdırmaq istərdim. Biz nə qədər istəsək də, istəməsək də, bizim büdcəmiz neft büdcəsidir və neftdən asılıdır. Bu hələ bir neçə il belə davam edəcək. Biz nə qədər qeyri-neft sektorunu inkişaf etdirmək istəsək də, ondan əlavə dəyər almaq üçün illərlə vaxt lazımdır. 2018-ci ilin dövlət büdcəsində biz Dövlət Neft Fondundan təxminən 9,1 milyard transfert nəzərdə tutmuşuq. Bu transfert 2017-ci ildən 3,1 milyard çoxdur. Söhbət, hətta o transfertdən getmir, onun verilməsi Azərbaycan hökumətində müəyyən rahatlıq yaradır. Yəni qeyri-neft sektorundan ciddi daxilolmalar olmasa da, istənilən vaxt Dövlət Neft Fondundan transfert etməklə Azərbaycanın dövlət büdcəsini formalaşdırmaq olar.
Mən belə hesab edirəm ki, artıq vaxt çatıb. Çünki vaxt var idi, Dövlət Azərbaycanın Neft Fondunda 53 milyard dollara yaxın vəsait var idi. Bu gün o, 30 milyard dollara enib. Əgər biz Dövlət Neft Fondundan bu templə transfert etsək, yəqin ki, yaxın vaxtlarda fondun vəsaitinin kəskin azalmasının şahidi olarıq. Mən belə hesab edirəm ki, biz qanunda müəyyən dəyişikliklər edib Dövlət Neft Fondundan transfertin yuxarı həddini müəyyən etməliyik. Müəyyənləşdirməliyik ki, dövlət büdcəsinə Dövlət Neft Fondundan maksimum nə qədər transfert etmək olar. Bu çox ciddi məsələdir.
İkinci ən ciddi məsələlərdən biri budur ki, biz həmişə cari və əsaslı xərclərə diqqət yetirmişik. Fikir verin, 2018-ci ildə də çalışırıq ki, qeyri-neft fondundan daxilolmalar heç olmasa, cari xərcləri ödəsin. Amma çox təəssüf olsun ki, 2018-ci ildə də qeyri-neft fondundan daxilolmalar 9 milyarddırsa, cari xərclərə 10,7 milyard vəsait nəzərdə tutmuşuq. Azərbaycan hökuməti, Azərbaycanın maliyyə naziri bu sahəyə diqqət yetirməlidir.
Burada bir sıra məsələlərə toxunuldu. Mən istərdim, bir neçə ciddi məsələyə millət vəkilləri fikir versin. Azərbaycanda qiymət siyasəti yoxdur. Düzdür, İqtisadiyyat Nazirliyinin müəyyən departamenti tərəfindən çox böyük işlər görülür. Mən bunu inkar edə bilmərəm, onlar qiyməti müəyyən qədər sabitləşdirməyə çalışırlar. Amma nəticə yoxdur. Qiymətlər niyə qalxır, səbəbi nədir? Gəlin, baxaq, Azərbaycanda milli valyutanın məzənnəsi 2017-ci ildə dəyişməyib, 1,70 səviyyəsində qalıb. Dövlət büdcəsində neftin qiymətini 40 dollar götürmüşük, neftin qiyməti orta hesabla 50–55 dollar səviyyəsində olub.
İdxal-ixrac əməliyyatlarına baxaq. Müsbət saldodur, ticarət balansı da müsbətdir və ixrac idxalı üstələyib. Harada isə 1 milyarddan yuxarı, – 1,3, 1,4 deyirlər, – müsbət saldo var. Bəs niyə qiymətlər dəyişir? Rəsmi statistikaya baxsaq, inflyasiya 13–14 faizdir. Bu gün də burada məlumat verdilər. Bəs niyə qiymətlər böyük sürətlə dəyişir? Qiymətlərin sürətlə dəyişməsinin bir bazası olmalıdır da. Bayaq Elman müəllim qeyd etdi ki, biz xaricdən inflyasiya idxal edirik. Yaxşı bəs bu daxildəki inflyasiyanı kim Azərbaycana idxal edir? Niyə qiymətlər günü gündən artır? Yağın qiyməti ilə əlaqədar cənab Prezidenti inandırdılar ki, yox, biz gömrük rüsumunu müəyyən qədər azaltmaqla onu aşağı sala bilərik. Hanı, yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı 7 marketə göndərmişəm ki, gedin, baxın. Yağın qiyməti yenə 18–20–24 manat arasındadır, dəyişməyib. Mən bir misal gətirdim, amma bütün qiymətlər eyni vəziyyətdir. Mən belə hesab edirəm ki, qiymət məsələsində Azərbaycan hökumətinin, dövlətinin xüsusi bir yol xəritəsi olmalıdır. Bu qiymət belə getdikcə maaşları artırmaqla biz insanların şəraitini yaxşılaşdıra bilmərik.
Digər bir məsələ. Biz Milli Məclisdə dəfələrlə demişik, hətta Vergilər Nazirliyi ilə razılaşmışıq ki, əlavə dəyər vergisini differanslaşdırmaq lazımdır. Yəni niyə biz xaricdən gətirilən bütün mallara 18 faiz vergi qoyuruq? Elə mallar var ki, onu 30 faiz də, 35 faiz də vergi qoysan, heç bir problem yaranan deyil. Amma elə mallar da var ki, bu gün əhalinin tələbatı üçün çox vacibdir. Ona niyə biz 5–10 faiz vergi qoymuruq ki, qiymətdə müəyyən enmələr olsun.
İkincisi, hökumətin əlində 0–15 faizə qədər dövlət rüsumu var. Bu niyə belə edilib? Qiymət siyasətində ciddi problem yaranarsa, bunu istənilən vaxt aşağı salmaq mümkün olsun. Niyə bu vasitələrdən Azərbaycan hökuməti istifadə etmir?
Deyirlər ki, Azərbaycanda inhisar, inhisarçılıq yoxdur. Mən razıyam. Hətta hörmətli nazirlərimizlə söhbət edəndə deyirlər ki, belə bir şey yoxdur, hər şey şəffafdır. Yaxşı, yoxdursa, niyə Rəqabət Məcəlləsini qəbul etmirik? 10 ildir, Rəqabət Məcəlləsini biz Milli Məclisdə qəbul edə bilmirik. İndi Strateji Yol Xəritəsinə baxıram. Rəqabət Məcəlləsini 2017–2021-ci illərə salıblar. Yəni yenə 4 il gözləyək ki, bazarda azad rəqabəti təyin etmək üçün Rəqabət Məcəlləsini qəbul edəcəyik. Yəni elə məsələlər var ki, onu deməsək, mümkün deyil. Azərbaycanda Rəqabət Məcəlləsini 2018-ci ildə qəbul etmək lazımdır. Mən hiss edirəm ki, bu Rəqabət Məcəlləsinin qəbul edilməsində nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis maraqlı deyil. Yəni bu məcəlləni hamısı inkar edir. Bilirlər ki, bu məcəllə qəbul olunandan sonra müəyyən qədər Azərbaycanda inhisarçılığın, monopoliyanın qarşısı alınacaq.
Burada pul-kredit məsələsinə toxunuldu. Mən pul-kredit siyasətində son vaxtlar aparılan islahatlarla, xüsusilə Mərkəz Bank tərəfindən manatın məzənnəsinin qorunub saxlanılması və sairlə razıyam. Amma Elman Rüstəmov qeyd edir ki, Azərbaycanda pul qıtlığı yoxdur və dövriyyədə istənilən qədər pul kütləsi var. Mən iki rəqəmi qeyd etmək istəyirəm. 2016-cı ildə dövriyyədə 11,5 milyard manat, 2017-ci ildə isə 8 milyard manat vəsait olub. Əgər biz inkişafdan danışırıqsa, niyə 3,7 milyard manat vəsait dövriyyədə yoxdur? Biz iqtisadiyyat nazirinə deyirik ki, getməlisən parklar, zavodlar, fabriklər açmalısan. O, bunları nəyin hesabına açmalıdır? Pul kütləsinin hesabına açmalıdır da. Niyə 2017-ci ilin yekununda biz ümumi daxili məhsula mənfi ilə çıxırıq? Bunun bir səbəbi Azərbaycanda pul kütləsinin olmamasıdır. Bunu yaddan çıxarmaq olmaz.
Bank sisteminə toxunmaq istəyirəm. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda mən komitənin iclasında da dedim ki, bunu yaratmağa tələsməyin, çünki dövlətin pul-kredit siyasətini aparan orqan Mərkəzi Bankdır. Hələlik bütün dünyada belədir, bəlkə bir-iki dövlətdə, İsveçrədə, harada nə isə var. Hazırda bank sistemində yaranmış problem Azərbaycanın ən böyük problemidir. Cənab Prezidentin dediyi kimi, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı bank sistemi vurdu. Bu gün də o, davam edir. Beynəlxalq Bank ilə əlaqədar məsələyə baxıram. Bu, dövlətin imicidir, başa düşürük. 11 milyarddır, 15 milyarddır yıxdılar əhalinin, dövlətin, dövlət büdcəsinin üzərinə və sair. Standart Bankı bağladılar. 40 minə yaxın insan küçələrdədir, əmanətlərini ala bilmirlər. 157 milyon vəsait almalıdırlar. Niyə vermirlər? Biz Əmanətlərin Sığortalanması Fonduna 500 milyon vəsait ayırdıq. Mən xahiş etdim ki, Hesablama Palatası o vəsaitin hara xərcləndiyini yoxlasın. Ümumiyyətlə, bank sistemi dağılır. Belə götürəndə Azərbaycan hökuməti, son 13 ildə, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatında nə lazımdır etdi. Yəni işıqdır, sudur, qazdır, avtomobil yollarıdır – hamısını həyata keçirdi. Amma indi əhali ilə, sahibkarlarla banklar işləməlidir. Əhali, sahibkar bankdan vəsait alıb istədiyi işi görməlidir. Azərbaycanda bu gün bu mümkündürmü? Özü də heç kim məşğul olmur. Özü də bu nədir? Bankları bağlamaq siyasəti tutublar. Biz heç vaxt onun tərəfdarı olmamışıq və təklif vermişik ki, bankları təmərküzləşdirin, birləşdirin. Likvidlik, iri kapital, iri kredit portfelləri yaransın ki, aşağı faizlə insanlara kredit versinlər. Mən çox təəssüf edirəm ki, vaxtım azdır. Hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsi indiki şərait üçün önəmlidir və ona səs verəcəyəm. Millət vəkillərini də bu sənədə səsverməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu qədər, sabah müzakirələri davam etdirərik. Sağ olun.