19.12.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 35
Mill Məclisin iclas salonu.
19 dekabr 2006-cı il. Saat 12.
Mill Məclis Sədrinin birinc müavini
Z. Əsgərov sədrlik etmişdir
İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
N. Səmədzadə, “Azəriqaz” Səhmdar Cəmiyyəti sədrinin müavini.
M. Əsgərov, “Azərenerji” Səhmdar Cəmiyyətinin vitse-prezidenti.
R. Hacəliyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin Hüquq şöbəsinin rəisi.
H. Yarıyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin idarə rəisi.
R.Şirəliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin Hüquq şöbəsinin müdiri.
* * *
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
X. Rəcəbli, “Azərdamazlıq” Respublika Elm-İstehsalat Birliyinin baş direktor əvəzi.
N. Səfərov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı.
* * *
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
V. Novruzov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri.
R. Qənizadə, Daxili Auditorlar İnstitutunun “Audit Azərbaycan” İctimai Birliyinin vitse-prezidenti.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında (müzakirənin davamı).
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
3. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
4. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
6. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə.
8. Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
9. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclis Sədrinin
birinc müavin Z. ƏSGƏROV
MİLLİ MƏCLİSİN İCLASI
19 dekabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, yerlərinizi tutun. Bildiyiniz kimi, keçən iclasda Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi yarımçıq qalmışdı. O müzakirələri biz indi davam etdirmək fikrindəyik. Keçən iclasda qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanın bir sıra regionlarında qazın, elektrik enerjisinin və suyun verilməsi ilə bağlı məsələlər haqqında hörmətli deputatlar öz irad və təkliflərini bildirdilər. “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov burada iştirak eləyir. Sözü ona verək. Marlen müəllim, buyurun, bu təkliflərə, iradlara münasibətinizi bildirin.
M. Əsgərov, “Azərenerji” Səhmdar Cəmiyyətinin vitse-prezidenti.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün burada müzakirə olunan məsələ günün aktual məsələlərindən biridir və bu haqda qanun layihəsi də vaxtında müzakirəyə çıxarılmışdır. Belə ki, elektrik enerjisi, qaz və sudan istifadə olunarkən onların istifadəsində pozuntulara yol verən şəxslərə qarşı bu tədbir görülməli idi. Elektrik enerjisinin, qazın və suyun dəyərinin ödənilməsində böyük çatışmazlıqlar var və əhali bundan sui-istifadə edir. Abonentlər qoyulmuş sayğacları dağıdır, pulu vaxtında vermirlər. Ona görə də bu qanunun qəbul edilməsi günün tələbidir.
Bu ilə qədər Azərbaycanda elektrik enerjisinin pərakəndə satışı ilə iki müəssisə – Bayva və Barmek məşğul olurdu. Onlar öz müqavilə şərtlərini ödəmədiklərinə görə bu il 25 il müddətinə icarəyə verilmiş bu şəbəkələrdən imtina etdilər. Biz bu şəbəkələri qəbul etdikdən sonra istifadə olunan elektrik enerjisinin ödənilməsini təmin etmək məqsədi ilə sayğaclaşdırma işlərinə başladıq. Ölkə Prezidentinin sərəncamı ilə biz sayğaclaşdırma işlərini başa vurub, pulun yığılmasını 100 faiz təmin etməliyik. Biz bu işə başladıqdan bu günə qədər respublikada sayğaclaşdırma işlərinin 62 faizi başa çatıb və bunun nəticəsində elektrik enerjisinin istehlakı 43 faizə qədər aşağı düşüb. Bu o deməkdir ki, istehlakçılar enerji haqqını sayğaclara görə ödədikləri üçün enerjidən sui-istifadə etmir, ondan məqsədyönlü istifadə edirlər.
Bu qanunun qəbul edilməsinə ehtiyac isə ondan doğur ki, qoyulmuş sayğaclara yerlərdə çox pis münasibət bəsləyir, onları qırır, dağıdırlar. Məsələn, Şəmkir rayonunun bir kəndində qoyulmuş 460 sayğacdan 142-si sonradan çıxarılıb, 80-də isə plomblar dağıdılıb. Sayğacdan keçməyən əlavə xətt çəkməklə özlərini enerji ilə təmin etmişlər. O biri kəndlərdə də eyni şeylər aşkar edilmişdir. Bizim buna təsir etməyə imkanımız olmadığına görə sayğacları bərpa etdirməyə vadar etmək üçün o kəndlərin işığını kəsməyə məcbur olmuşuq. Əksər kəndlərdə sayğaclar quraşdırılır. Sayğacdan keçməyən əlavə xətlər çəkib şəbəkəyə qoşularaq sayğacı işlətmədən evdə elektrik enerjisindən israfçılıqla istifadə edirlər. Məndə bu halları təsdiq edən şəkillər də var. Kim maraqlansa, göstərə bilərəm.
Bəzi deputatlar çıxış edərək, misal üçün, göstərdilər ki, İmişli rayonunda cəmi 200 sayğac qoyulub, halbuki neçə min sayğac qoyulmalıdır. Nəzərinizə çatdırım ki, İmişli rayonunda bu günə qədər quraşdırılmalı olan sayğacların 62 faizi qoyulub və rayon əhalisi 50 faiz sayğacla təmin olunub. Kim maraqlansa, məndən bütün rayonlar haqqında məlumat ala bilər. Vaxtınızı almamaq üçün onları sadalamaq istəmirəm. Keçən dəfə deputatlardan biri dedi ki, respublikanın Qazax zonasına getmişdim. Orada bütün günü işıq yanır, amma hansısa rayonda işıq yanmır. Nəzərinizə çatdırım ki, bu gün təkcə Qazax rayonunda elektrik enerjisi haqqının 92,7 faizi yığılır. Ona görə oraya işıq verilir. O biri rayonlarda yığım 35-36 faiz olduğuna görə məcburiyyət qarşısında qalıb onlara işığı saatlarla veririk.
Onu deyim ki, təkcə abonentlər deyil, bizim işçilər tərəfindən də böyük pozuntulara yol verilir. Məsələn, paylayıcı şəbəkəni özümüz idarəetməyə götürdükdən sonra bu şəbəkələrdə yoxlamalar aparmışıq. Yoxlamalar nəticəsində məlum olub ki, yerlərdə bizim əliəyri müfəttişlərimiz enerji haqqını ödəməyən əhalidən, məsələn, 50 min manat alır, idarəyə isə 5 min manat verib, qalanını mənimsəyirlər. Belə halların qarşısını almaq üçün biz hazırda audit xidmətinin köməyi ilə yerlərdə yoxlamalar aparırıq. Onu deyə bilərəm ki, bu yoxlamalar nəticəsində bu günə qədər Lənkəran, Əli Bayramlı, Gəncə, Xanlar və digər rayonlarda pozuntulara yol vermiş işçilər məhkəməyə verilib və onlar haqqında cəza tədbirlərinin görülməsi barədə vəsatət qaldırılıb. Bir çox hallarda isə bu əgər böyük vəsait təşkil eləməsə, onlardan bu fərqi ödəməyi tələb edəcəyik.
Elektrik enerjisi dövlətin məhsuludur. Hər bir məhsulun öz qiyməti var. O məhsulu istehlak etmisənsə, qiymətini ödəməlisən. İstehlak etdiyi məhsulun qiymətini ödəməyən, ondan sui-istifadə edib oğurluqla, talanla məşğul olanlara qarşı cəza tədbirlərinin görülməsi haqqında qanunun qəbul edilməsi, məncə, günün tələbidir. Ümid edirəm ki, bu qanun iclasda qəbul olunacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən hörmətli həmkarlarım müzakirə olunan məsələnin nə dərəcədə ciddi və məsuliyyətli, hətta deyərdim ki, ölkə vətəndaşlarının hər birinin həyatına, sosial durumuna, ictimai mövqeyinə təsir edən amil olduğunu diqqətə çatdırdılar. Əhalinin sosial durumu ilə bağlı vacib bir məsələnin hüquqi müstəvidə həll edilməsi heç bir çərçivəyə sığmır. Əgər bu, doğrudan da, son çıxış yoludursa, onda tərəflərin hər biri məsuliyyəti bərabər daşımalıdır.
Mən Badamdarda yaşayıram. Orada yayda bir maşın suyu 120 minə alıram. Qaz, işıq, su və yolların vəziyyəti indi xalqı ən çox narahat edən problemlərdəndir. Nəqliyyat Nazirliyinin gördüyü işlər göz qarşısındadır. Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamı Nəqliyyat Nazirliyi tərəfindən yüksək səviyyədə həyata keçirilir. Respublikada xalqın yeganə narazılığı qazın, işığın, suyun fasilə ilə verilməsindən və ya tam verilməməsindəndir. Mənim yaşadığım Badamdarda su buraxılmır, tez-tez işıqlar sönür, transformatorlar partlayır. İşıq tellərinə baxanda adam dəhşətə gəlir. Lapdan işıqlar yanır, televizorlar, soyuducular məhv olur.
Rayonlarda isə tamam başqa mənzərədir. Rayonda fasilə ilə gündə 6-7 saat işıq verirlər. Bəzən müxtəlif bəhanələr tapılır, tamamilə verilmir. Rayonda qaz da fasilə ilə verilir. O da elə verilir ki, insanların xörək bişirməyə belə imkanları olmur. Şəhərdə isə qaz, işıq tam kəsiləndə heç bir xəbərdarlıq olunmadan buraxılır. Nəticədə insan tələfatı ilə müşayiət olunan bədbəxt hadisələr baş verir, vətəndaşlara dəhşətli ziyan vurulur. Bu bədbəxt hadisələrə görə aidiyyəti nazirliklərin vəzifəli şəxsləri başda rəhbərlik olmaqla niyə cinayət məsuliyyətinə cəlb olunmurlar? Yenə də əziyyətdə qalan insanlardır.
Biz xalq tərəfindən seçilmiş millət vəkilləriyik. Xalqın bütün haqlı narazılıqlarını, tələblərini, bütün dərdini biz rəhbərliyə çatdırmalıyıq. Xalqın hüquqlarını qorumaq bizim bir nömrəli vəzifəmizdir. Cəlilabadda və daha bir neçə rayonda qazı tamamilə kəsiblər, dövlət büdcəsindən pulu ödənildikdə açırlar. Məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, əlillərin, cərrahiyyə əməliyyatına məruz qalan ağır xəstələrin, idarə və təşkilatların günahı nədir? Bu ən böyük məsuliyyətsizlik və dövlətin qanununa tabe olmamaq deməkdir. Astaradan seçilmiş həmkarım deyir ki, orada vəziyyət yaxşıdır. Xahiş edirəm, Astaradakı vəziyyətlə maraqlanın və qəzetlərdən də rayona gedib o vəziyyəti öyrənin.
Hörmətli Prezidentimiz məhz yaranacaq vəziyyəti nəzərə alıb, əhalinin yanacaq, enerji, qaz təminatı ilə bağlı məsələni həll etmək üçün bu sahənin məsuliyyətini daşıyan məmurlara məqsədyönlü tapşırıqlar verib. Artıq qış fəslidir və ilin sonudur. Əhalini qaz və işıqla təmin etməli olan qurumlar bu təminatın necə olması barədə hesabat verməli olduqları halda bu haqda fikirləşmək belə istəmirlər. Onlar qışa hazır olmadıqlarına görə, qabaqcadan özlərini sığortalamaq məqsədi ilə bu variantı seçiblər.
Odur ki, təmsil etdiyim bölgənin əhalisi tamamilə haqlı olaraq bir tələb qoyur – sən əvvəlcə normal qaz, işıq ver, sonra pul tələb elə. Aidiyyəti qurumlar isə bu haqlı tələbi eşitmək istəmirlər və bizim vasitəmizlə özlərinə sərf edən bir qanun qəbul etdirib, onu əllərində dəstək edərək əhaliyə qarşı hədə-qorxu yolu seçirlər. Bölgələrdə qəza vəziyyətində olan işıq dirəkləri, çürüməkdə olan qaz boruları da təchizatın yarıtmazlığını sübut edən dəlillərdir. Bütün bunları nəzərə alan varmı? Əhalinin toplum yaşadığı məhəllələrdə qaz və işıq pulu ödəyən və ödəməyən sakinləri aidiyyəti qurumlar üz-üzə qoyurlar. Bu nə dərəcədə ədalətlidir ki, bir məhəllədə istifadə etdikləri işıq və qazın haqqını ödədikləri halda qalan 30 faizə görə bütün yaşayış məntəqəsinin qaz və işıq təminatı dayandırılır? Təbii ki, hər bir şüurlu vətəndaş israf etdiyi qaz və işığın pulunu ödəməlidir. Bu haqq ödənilir də. Lakin bunun elə bir forması seçilib ki, bu məsələlərdə qarşıdurma qaçılmazdır.
İndi də sərf etdiyi qazın pulunu ödəməyən vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi gündəmə gətirilib. Enerji resursları ilə zəngin olan ölkəmizdə hətta bunun ixracı ilə bağlı qlobal layihələrin həyata keçirildiyi bir dövrdə məsələnin bu formada qoyuluşu biabırçılıqdır. Əgər “Azərenerji”nin təklifi qəbul edilərək, əhalidən pul sovetdən qalma inzibati amirlik metodu ilə yığılacaqsa, bu çox ciddi narazılığa səbəb olacaq. Hər halda mən inanıram ki, bu belə olmayacaq.
Tərəflərin hər ikisi üçün cinayət məsuliyyəti müəyyənləşdirilməlidir. Təzyiq göstərmə, hədələmə ilə bu problemi həll etmək olmaz. Əminəm ki, tamam başqa razılaşma və ya ödəniş forması fikirləşib bu məsələni yoluna qoymaq olar. Ölkə vətəndaşlarının sosial durumunu da nəzərə alıb kompromis variant tapmaq lazımdır. Bu məsələnin gündəmə gətirilməsi yolverilməzdir. Hər halda ölkə başçısı əhalinin enerji təchizatı ilə bağlı keçirdiyi müşavirədə vəziyyətdən çıxış yolunu bu cür göstərməyib. Möhtərəm Prezidentimizin qəbul etdiyi Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Prezident xalqla çiyin- çiyinədir. Bütün məmurları xalqa xidmət etməyə, xalqın rifah halının yaxşılaşdırılmasına kömək etməyə dəvət etmişdir.
Hörmətli həmkarlarım, bu məsələnin müzakirəsinə son dərəcədə həssas yanaşmaq, əhalinin güzəranında, gündəlik həyatında, sosial-iqtisadi durumunda onun necə rol oynayacağını nəzərə alıb, xalqın iradəsini ifadə etmək hər bir millət vəkilinin mənəvi borcudur. Mən bu qanun layihəsinin müzakirəsinin dayandırılmasını və layihənin yenidən işlənməsindən ötrü geri qaytarılmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu əlavə və dəyişikliklərin müzakirəsi çox emosional şəkildə, qəribə bir məntiqlə aparılır. Qanuna edilən dəyişikliyin fəlsəfəsini bu məntiqlə açmaq mümkün deyil. Biz deputat olaraq millətimizi müdafiə eləməliyik. Amma biz vətəndaşı intizamlı olmağa çağırıb müdafiə eləməliyik, biz millətimizi yüksəldib müdafiə eləməliyik. Yoxsa belə çıxır ki, enerji üçün, su üçün məsuliyyət daşıyacaq təşkilatlar enerjinin pulunu verməyənlərlə kompromisə girməlidirlər. Bu necə kompromis ola bilir? Burada necə bir məntiq əmələ gəlir? Əlbəttə, biz indi “camaat verilən enerjinin pulunu ödəyə bilmir” deyə düşünməklə bu məsələni həll eləyə bilməyəcəyik. Biz düşünsək ki, qəbul etdiyimiz qanunlarda kifayət qədər sərt tələblər qoymaqla səhvə yol veririk, özümüz səhv eləyəcəyik.
Bu qanunda hələlik enerji istehsalçılarının və enerji satanların məsuliyyətindən söhbət getmir. Burada söhbət enerjini, suyu, qazı istehlak eləyənlərin məsuliyyətindən gedir. Məntiq də belədir, bazar iqtisadiyyatının bugünkü texnologiyası da belədir. Bu, yalnız bir dövlətin siyasəti deyil, bu, dünyanın müasir texnologiyasıdır. İstehlak elədiyin malın pulunu verməlisən. Hətta bu dəyişə də bilər, arta da bilər. Yenə verməlisən. Başqa çarə yoxdur.
Əgər biz məntiqi əksinə qoysaq, onda necə olur? Biz, demək, belə bir cəmiyyət formalaşdırırıq – istehlak elə, amma ödəmədən qaç. Onda hansı intizam əmələ gəlir, hansı texnologiya işləyir? Onda sabahkı cəmiyyətimiz üçün nə yaradırıq, bandit dəstəsi yaradırıq? Belə şey mümkün deyil axı. Əlbəttə, çox romantik pafosla danışıb demək olar, güzəştə gedək. Nəyi güzəştə gedək, hara qədər güzəştə gedək? Bunun axırı nə olacaq? Camaat istifadə elədiyi malın pulunu verməlidir, onu da verəcək. Burada heç bir problem çıxa bilməz.
Bizdə artıq çox pis bir ənənə yaranıb. Biz elektrik, su və təbii qazın pulunu ödəməkdən həmişə qaçmışıq. Sovet dövründə də, sonrakı mərhələlərdə belə olub və bu da nəticə etibarilə istifadə elədiyinin pulunu ödəməmək kimi çox qeyri-humanist texnologiya və düşüncə tərzi əmələ gətirib. Bu düşüncə tərzi ilə yaşamaq artıq mümkün deyil.
Ona görə xahiş edərdim ki, millət vəkillərimiz, xüsusilə çox hörmət elədiyimiz iqtisadçılarımız məsələyə bu cür güzəşt texnologiyası yox, intizam texnologiyası baxımından yanaşsınlar. Sənin vətəndaşın yalnız əsaslandırılmamış güzəştlərdən istifadə eləmək üzrə bir mütəxəssisə çevrilsə, sən bu vətəndaşdan başqa heç nə tələb eləyə bilməyəcəksən.
Müzakirələr, mən deyərdim, məsələnin mahiyyəti üzrə yox, ətrafında gedir. Bizim bəzi tələbələrimiz olur, imtahanın cavabını bilmədikləri üçün deyirlər, olarmı ətrafında danışım. Biz bu müzakirələrdə çox zaman ətrafında danışırıq. Məsələ çox aydın, dəqiq qoyulub. Bəlkə də görüləcək tədbirlər xeyli dərəcədə sərtdir. Mən əslində bundan da sərt olmasının tərəfdarıyam. Çünki bu tədbirlər nə qədər sərt olarsa, səmərəsi də o qədər yüksək olar. Sayğaclar qaydasında olmalıdır. Enerji təminatı, su təminatı normal olmalıdır, keyfiyyətli olmalıdır. Maliyyə prosesləri də tam dəqiqliyi ilə getməlidir. Vətəndaşa, millətə güzəşt etdikcə o, haqqını tələb eləməyəcək. Millətimizi, vətəndaşımızı pis öyrətməyək. Nə tələb olunur, işlətdiyin malın pulunu ver. “O olmasın, bu olsun” filmindədir də, deyir ki, bəy, şərabı içmisən, pulunu ver də. Yaxşı, bunu erməni başa düşür, biz başa düşmürük?
Ona görə mən bu dəyişikliyin qəbul olunmasının tərəfdarıyam. Düşünürəm ki, burada istehlakçı, ya da istehsalçı tərəfindən hər hansı güzəştdən danışmaq yersizdir. Hər işdə nizam və qayda-qanun olmalıdır. Dünyanın bütün xalqları bu nizama, qayda-qanuna öyrəşməklə qabağa gediblər. Biz həmişə güzəştlərlə dala qalmışıq. Ona görə biz bu qanunu qəbul eləməliyik. Enerji və su təminatı sahələrində çalışan hörmətli mütəxəssislərimiz buradadır. Onlardan da tələb eləməliyik ki, istehlakçının göstərəcəyi intizamı gələcəkdə onlar da göstərsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli millət vəkilləri, mən elə hesab edirəm ki, vaxt çərçivəsini çıxışlara başlayanda qoymaq lazım idi. Ayrı-seçkilik salmaq lazım deyil.
Hörmətli millət vəkilləri, mən müzakirə olunan məsələyə üç aspektdən yanaşıram, birinci, seçicilərimizin marağı aspektindən, ikinci, Azərbaycan dövlətinin müstəqilliyinin və dövlətçiliyimizin daha da möhkəmlənməsi aspektindən, üçüncüsü isə bazar iqtisadiyyatı aspektindən. Birinci, seçicilərimizin maraqları aspektindən baxdıqda fikirləşirik ki, bəli, vətəndaşlarımızın bunları ödəməyə imkanı yoxdur. Əslinə baxsan, imkanı olmayanlar, demək olar ki, qaz pullarını, işıq pullarını ödəyirlər. O insanlar ödəmirlər ki, onların ödəməyə imkanları var, amma vasitələr tapırlar ki, ödəməsinlər.
Qaz pulu, işıq pulu qanun çərçivəsində, tələb olunan səviyyədə ödənməlidir. Çünki hər bir cəhətdən götürəndə enerji sistemi, qaz sistemi yeniləşməli, burada yeni texnologiyalar tətbiq olunmalı, yeni avadanlıqlar alınmalıdır. Bunun üçün vəsait haradan alınmalıdır? Yalnız satılan qazın, işığın müqabilində əldə olunan gəlirlər sayəsində yeniləşmə ola, inkişafa doğru addımlar atıla bilər. Burada fikirlər söyləndi ki, bu işlə məşğul olan məmurlara qarşı ciddi tədbirlər nəzərdə tutulmalıdır. Ciddi yox, dəfələrlə ciddi tədbirlər nəzərdə tutulmalıdır.
Bəzi çıxışlarda belə bir fikir də səsləndi ki, tələsmək lazım deyil. Necə yəni tələsmək lazım deyil? Azərbaycan özünün energetika sistemini, enerji daşıyıcıları sistemini möhkəmləndirməlidir. Azərbaycanın müstəqilliyinin əsas göstəricilərindən biri də budur. Azərbaycan özünün nəqliyyat, kommunikasiya sistemlərinin dünyaya çıxışını möhkəmləndirməlidir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsinə Avropa Birliyinin, Amerikanın, Rusiyanın və sair ölkələrin müəyyən təsirlərinə baxmayaraq, Azərbaycan o cür nəqliyyat-kommunikasiya sistemlərinin başa çatdırılması, onlardan səmərəli istifadə edilməsi üçün qətiyyətlə addım atmalıdır. Heç də təsadüfi deyildir ki, bu gün Rusiya Azərbaycana satdığı qazın qiymətini artırmışdır.
Biz bütün bunları nəzərə almalıyıq. Biz nəzərə almalıyıq ki, Azərbaycan bütün sahələrdə öz müstəqilliyini möhkəmləndirmək üçün bu gün lazım olan addımları atmalıdır. Mən belə hesab edirəm ki, bu addımların atılması üçün belə qanunların qəbul olunması vacibdir. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, Azərbaycanda energetika sisteminin, bazar iqtisadiyyatının inkişafına xidmət edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Baba müəllim. İcazənizlə, komissiyanın sədri Əli Hüseynova söz verək. Çünki keçən müzakirədən sonra müəyyən təkmilləşdirmələr aparılıb və müəyyən razılaşdırmalar olub. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Mən ilk növbədə bildirmək istəyirəm ki, qanun layihəsinə dair millət vəkillərinin keçən iclasda bildirdikləri irad və təkliflər diqqətlə öyrənilmiş və iki istiqamətdə təkmilləşdirmə işi aparılmışdır. Birincisi bu əməlin tövsifi ilə bağlı olub, yəni bu əməl nə dərəcədə kriminaldır, hansı halda cinayət qanunvericiliyində, hansı halda İnzibati Xətalar Məcəlləsində nəzərə alınmalıdır. Bu qanun layihəsi üzərində apardığımız ikinci iş isə onun hüquqi-texniki detallarının dəqiqləşdirilməsindən və bu dəqiqləşdirmələrdən sonra mənim birinci çıxışımda qeyd etdiyim kimi, sanksiyaların bir qədər də yüngülləşdirilməsindən ibarət olub.
Əlbəttə, bu günlər ərzində müvafiq dövlət orqanları tərəfindən istilik, elektrik və qaz enerjisinin əhaliyə çatdırılması, təminatı, bu zaman meydana çıxan və bu qanun layihəsinə heç bir aidiyyəti olmayan mülki münasibətlərin tənzimlənməsi ilə bağlı düzgün izahat işi aparılsaydı, düşünürəm ki, bu qədər fərqli çıxışlar olmazdı. Biz Marlen müəllimi bu sahədə çox peşəkar mütəxəssis kimi tanıyırıq. O, ağsaqqal bir insandır, ona böyük hörmətlə yanaşırıq. Təəssüf ki, bu gün də bu təqdimat olmadı.
Belə bir təəssürat yaranır ki, guya qanunu təqdim edən qanunvericilik təşəbbüsünün subyekti enerji ödəyicilərinə qarşı, vətəndaşlara qarşı və yaxud enerjidən istifadə eləyib pulunu verməyənlərə qarşı hər hansı bir cinayət tədbiri işləri görmək istəyir. Əsla belə deyil və bu cür təqdimat da düzgün deyil. Əgər bu təqdimatda mənim də üzərimə bir vəzifə düşübsə, mən də bunu düzgün izah edə bilməmişəmsə, onda mən üzr istəyirəm. Söhbət ancaq qazın, elektrik enerjisinin, istilik enerjisinin oğrularına qarşı, gizli yolla bunu talayanlara qarşı cinayət məsuliyyətinin tətbiqindən gedir. Mən sual edirəm, bu zalda mətbuat nümayəndələri arasında, bütövlükdə hüquqşünaslar arasında oğruların müdafiəçiləri var? Əlbəttə ki, yoxdur. Deməli, ola bilər, bunları anlayaraq, bilərəkdən, hər hansı bir populizmə uyaraq bu cür fikirlər səslənir.
Amma eyni zamanda, mən keçən dəfə həmkarlarımızın dedikləri bəzi iradlarla razılaşdım. Bunlar nədən ibarətdir. İlkin variantda 189-1-ci maddədə enerjinin talanması ilə ondan qanunsuz istifadə etmə anlayışı birləşdirilmiş və göstərilmişdi ki, bu, cinayət məsuliyyətinə səbəb olur. Yəni “talanması və ondan qanunsuz istifadə” birlikdə verilmişdi. Qanunsuz istifadə deyəndə ilk növbədə hər hansı bir hesablama sisteminə, sayğaclara müdaxilə başa düşülür. Əlbəttə, bu, qanun pozuntusudur, amma cinayət məsuliyyətinə səbəb olmalı deyil. Ona görə də hesab edirəm ki, biz düzgün olaraq 189-1-ci maddədə düzəliş etdik. Sizə təqdim olunmuş təkmilləşdirilmiş variantda bunlar dəqiq göstərilib.
Mən çalışacağam izah edim. Qazın, elektrik və ya istilik enerjisinin talanmasını ayrıca bir maddə kimi veririk, yəni burada söhbət oğurluqdan gedir. Qanunsuz istifadə isə İnzibati Xətalar Məcəlləsinə daxil edilir. Bununla yanaşı, hətta bu, spesifik bir əməl olduğuna görə 189-1-ci maddənin birinci hissəsində nəzərdə tutulan məbləğ çərçivəsində törədilən, yəni 1000 manat məbləğində cəzalandırılan bu əməli də biz İnzibati Xətalar Məcəlləsinə keçirtdik. Beləliklə, enerjinin oğurluğu, gizli yolla talanması, hətta xeyli miqdarda ziyan vurularsa, – miqdarlar da məlumdur, 7 min mislindən yuxarıdır, – ən yüksək hədd olaraq azadlığın məhdudlaşdırılması, külli miqdarda isə, – biz orada da sanksiyanı bir qədər yumşaltdıq, – 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yəni enerji oğrusunun məsuliyyəti külli miqdarda ziyan vurularsa, maksimum 3 ilə qədər azadlıqdan məhrumetmədir.
Bu baxımdan, hesab edirəm ki, əgər biz enerji oğrularına qarşı məsuliyyət tətbiq ediriksə, bundan humanist yanaşma mümkün deyil. Üstəgəl, yenə deyirəm, – bu barədə birinci iclasımızda da danışmışdıq, – bunu edən şəxs dəymiş ziyanı istənilən mərhələdə ödəyirsə, cinayət məsuliyyətindən azad olunur. Bu, təkmilləşdirilmiş variantın Cinayət Məcəlləsinə aid olan hissəsidir. Deməli, biz talamanı, oğurluğu qanunsuz istifadədən ayırdıq, üstəgəl sanksiyalarda minimum hədləri nəzərdə tutduq.
Eyni zamanda, qeyd eləmək istəyirəm ki, qanun layihəsi ilə bağlı hörmətli həmkarlarımın müəyyən hüquqi-texniki iradları olmuşdu. Misal üçün, ”qaz” “təbii qaz” kimi verilməlidir. “Səlahiyyətini lazımi qaydada yerinə yetirməmək” anlayışı bir qədər yayğın idi, biz onu çıxarmışıq, ancaq “xidməti vəzifəsini yerinə yetirməməsi” qalıb. Bununla yanaşı, bir neçə hüquqi məsələ meydana çıxmışdı. Məsələn, “sair maraqlar” nədən ibarətdir? Yəni müfəttiş üçün “tamah məqsədi” aydındır, “sair maraqlar” nədən ibarətdir? Bunlar hamısı hüquqi anlayışlardır, bunların izahı var. Hər hansı bir müfəttiş təkcə tamah, gəlir əldə etmək məqsədi ilə yox, qohumluq münasibətlərinə görə də bu əməli həyata keçirə bilər. Yaxud sual olunur ki, “xeyli miqdar”, “külli miqdar” nə cür müəyyənləşəcək? Əlbəttə, əgər cinayət işi qaldırılıbsa, şahidlər, müəyyən sübutlar olmalı və sübuta yetirilməlidir ki, məbləğ 7000 mislinə qədərdir, yoxsa ondan yuxarıdır? Bunlar sırf hüquqi məsələlərdir, suallar olarsa, bunları aydınlaşdıra bilərik.
Amma prinsipial olaraq yanaşma ondan ibarət oldu ki, bu qanunda söhbət ancaq enerji oğrularının deyil, həm də səlahiyyətli şəxslər olan müfəttişlərin, yəni sahə rəislərinin məsuliyyətindən gedir. Onlar da bəzən vətəndaşla müəyyən əlaqəyə girərək, bəzən əlaqəyə girməyərək, özləri sui-istifadə edərək tamah məqsədi ilə bu cinayətləri törədir, yəni enerjinin oğurlanmasına şərait yaradırlar. Buna görə çox yüksək sanksiyalar mövcuddur. Biz bu sanksiyalara toxunmamışıq, yəni bu sahədə çalışan məmurların 6 ilə qədər azadıqdan məhrum etməklə cəzalandırılması nəzərdə tutulur.
Ümumiyyətlə, demək istəyirəm ki, bu qanunun guya sıravi vətəndaşlara, imkansız insanlara qarşı yönəldiyini eşitmək məni, sadəcə, təəccübləndirir. Ona görə ki, bu qanun, əksinə, misal üçün, parnik sahəsi açıb, qanunsuz olaraq bu xətlərə qoşularaq bütün kəndi qazsız qoyanlara qarşı yönəlib. O kəslərə qarşı yönəlib ki, – burada səsləndirildi, – böyük malikanələr əldə ediblər, amma ora qanunsuz xətlər çəkərək, əslində, cinayət törədiblər. Kiminsə bir müəssisəsi, bir mülkü varsa və o, işıqdan qanuni istifadə edib pulunu ödəyirsə, burada problem yoxdur.
Ümumiyyətlə isə, demək istəyirəm ki, bu qanun layihəsi mülki münasibətlərə toxunmur. Kim işıq pulunu verir, onun bu qanuna heç bir aidiyyəti yoxdur. Mülki münasibətlərdir, o çərçivədə də həll olunmalıdır. Vətəndaş ona verilən işığın səviyyəsindən narazıdırsa, yaxud da verilən işıq hər hansı qəza nəticəsində, artma nəticəsində onun məişət texnikasını zədələyibsə, buyursun, məhkəməyə müraciət etsin.
Biz mülki münasibətlərə toxunmuruq. Burada söhbət ancaq enerji oğrularından gedir. Enerji oğrularına qarşı isə cinayət məsuliyyəti bütün dövlətlərdə var. Bu baxımdan biz hələ bir qədər gecikmişik. Eyni zamanda, əlbəttə, həmkarlarımın bu fikri ilə razıyam ki, bu cinayət məsuliyyətini tətbiq etməklə yanaşı, məsul şəxslər, hökumət nümayəndələri də cənab Prezident tərəfindən onlara verilmiş tapşırıqların sürətlə yerinə yetirilməsinə çalışmalıdırlar. Bu qədər. Mən hesab edirəm ki, təkmilləşdirilmiş variantda qanun layihəsini qəbul etmək olar.
Sədrlik edən. Təşəkkür edirəm, Əli müəllim. Geniş izahata görə çox sağ olun.
V. Ələsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
İcazənizlə, mən də bu qanun layihəsi haqqında bir neçə söz deyim. Ola bilsin ki, mən Milli Məclisdə qısa müddət işlədiyimə görə bəzi şeylər mənə təəccüblü gəlir. Çünki, məncə, hansısa qanun layihəsinin müzakirəsi zamanı bütün məsələləri bir yerə yığmaq, bütün məsələləri bir yerdə müzakirə eləyib, malı mala qataraq bir nəticəyə gəlmək mümkün deyil. Biz bu yolla getsək, heç bir dəyərli qanun qəbul edə bilməyəcəyik. Problemlər həddindən artıqdır, çətinlik var, ola bilsin, qüsur da, günah da var. Ancaq mən yenə sizi müzakirə etdiyimiz qanun haqqında, qanuna olan konkret dəyişikliklər və əlavələr haqqında danışmağa çağırıram.
Mən Əli müəllimlə razıyam ki, bu dəyişikliklər və əlavələr imkansız insanlara qarşı yönəldilməyibdir. Axı, imkansızın nə imkanı var ki, oğurlasın, talasın və s. Oğurlayan və talayan ya dəyirmandır, ya nə bilim restorandır, ya da ki, yanacaqdoldurma stansiyalarıdır. Təyyarədən gecə yerə baxanda yanacaqdoldurma stansiyalarının işıqlarına görə Azərbaycanın xəritəsini çəkmək olar. Lazımdır, lazım deyil hərəsinin ətrafında 70-80 projektor yanır. Mən hesab edirəm ki, bu qanuna olan dəyişikliklər və əlavələr birinci növbədə belə istehlakçılara qarşı yönəldilibdir.
Əlbəttə, “Azərenerji” Səhmdar Cəmiyyətinin də problemləri çoxdur, dirəklər yıxılır, transformatorlar yanır və sairə. Bu barədə mən də çox danışa bilərəm. Məsələn, Marlen müəllim işıq pulu yığanlar barədə danışdı. Kənddə bu gün müsabiqə keçirsəniz, 100 nəfər əhalisi olan kənddə işıq pulu yığan vəzifəsinə bir 70 nəfər namizəd yığılar. Əlbət ki, əliəyri müfəttişlərə qarşı da tədbirlər görmək lazımdır. Bunu da, bir çox başqa problemləri də demək olar. Amma mən təklif edirəm, bu qanun layihəsini müzakirə eləyək. Əgər kim isə təklif etsəydi ki, bu qanun layihəsində ikitərəfli münasibətlər olduğuna görə bərabər hüquqlu şəxslər arasında olan kontraktın bəzi müddəalarını müzakirə eləyək, bəlkə də mən razılaşardım. Ancaq yıxılan dirəkləri bərpa etmək, yeni transformatorlar almaq və sair kimi məsələlər bu qanunun predmetinə aid deyil. Abonent tərəfindən pulun vaxtında ödənilib-ödənilməməsi də bu qanuna aid deyil. Ancaq talanma və oğurlanma. Ona görə də mən təklif edirəm, emosional çıxışları dayandıraq, bu qanuna qayıdaq, onu qəbul eləyək, ya da qəbul eləməyək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputat həmkarlarım, hesab edirəm, məsələyə kifayət qədər aydınlıq gətirildi və kifayət qədər müzakirələr getdi. Nə təklif var? Yoxdur. Onda xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 74
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 1
İştirak edir 79
Yetərsay yoxdur
Yetərsay yoxdur. Xahiş edirəm, bayırdakıları dəvət eləyin, hamı gəlsin, iştirak eləsin. Dəfələrlə qeyd olunub, deyilibdir, səsvermə vaxtı zalda olmaq lazımdır. Qeydiyyatdan keçin, zəhmət olmasa.
Qeydiyyat (saat 12.45 dəq.)
İştirak edir 96
Yetərsay 83
96 nəfər iştirak eləyir. İndi isə, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 87
Əleyhinə 4
Bitərəf 3
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən bundan əvvəlki məsələdə həmkarlarıma bu məsələni dəstəklədiklərinə görə təşəkkür edirəm. Hökumət nümayəndələrindən xahiş edirəm, bu məsələnin düzgün təbliği üçün müvafiq addımlar atsınlar ki, əhali arasında əsası olmayan ajiotaj yaranmasın. Heç olmasa bu vəzifəni düzgün yerinə yetirmək lazımdır.
“Yol hərəkəti haqqında” Qanunda edilən dəyişikliklər texniki xarakter daşıyır. Bilirsiniz ki, biz dövlət büdcəsini müzakirə edərkən büdcə paketinə “Dövlət rüsumu haqqında” Qanuna da dəyişikliklər və əlavələr nəzərdə tutulmuşdu. Burada söhbət xidmət haqlarının “Dövlət rüsumu haqqında” Qanuna salınmasından gedir. Əvvəllər bu məsələlər Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir və bəzən müəyyən konfliktlər yaranırdı. İndi “Dövlət rüsumu haqqında” Qanuna tamamilə düzgün olaraq edilən əlavə və dəyişikliklərdən sonra bu müddəa daha da dəqiqləşdirilib təkmilləşdirilir və “əlavə haqq”, “əlavə xidmət” sözlərinə “rüsum” sözü də əlavə olunur. 23-cü maddənin ikinci hissəsində edilən dəyişikliklər də, “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər və əlavələr də orada sadalanan anlayışlarla bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış eləmək istəyənlər var. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə hörmətli Əli müəllim izahat verdi. Burada elə bir böyük, ciddi dəyişiklik yoxdur. O məsələlər hər halda bizim hörmətli həmkarlarımız tərəfindən qəbul ediləcək. 23 və 27-ci maddələrdə dəyişiklik gözlənilir və o da elə təsir göstərən maddələr deyil. Dövlət rüsumu ilə əlaqədar olaraq qəbul edilmiş bir dəyişiklikdir. Mən hesab edirəm ki, bunu hamı düzgün başa düşür və əlbəttə, bunu qəbul edəcəyik.
Ancaq mən istəyirəm ki, bir neçə kəlmə bizim yollarda yaranmış vəziyyət haqqında da danışaq. Məsələ burasındadır ki, bu gün Bakı şəhərinin yollarında yaranan tıxaclar üzündən heç cür hərəkət etmək mümkün deyil. Bu gün “Yol hərəkəti haqqında” Qanuna baxırıqsa, bu məsələləri də müzakirə eləmək yerinə düşər. Bakıda yaranan tıxacları yeni tikilən evlər, şadlıq sarayları yaradır. Bunlar yolun üstündə tikilir, insanların gediş-gəlişi üçün səkilər saxlanılmır. Şadlıq saraylarının maşın saxlamaq üçün həyəti olmalıdır. Bunlar nəzərə alınmır. İnsanlar maşını yolun kənarında saxlamağa məcbur olur ki, bu da tıxacların yaranmasına səbəb olur. Bəs bunu kim görməlidir, buna kim baxmalıdır? Hər gün baş verən qəzalar haqqında bizim mətbuatda və televiziya kanallarında məlumat gedir. Bəs bu qırılanlar bizim vətəndaşlar deyil? Bu qəzaların qarşısını almaq üçün böyük təbliğat işləri aparılmalıdır.
Düzdür, Prezidentimiz 2006-cı ilin əvvəllərində respublikada yol hərəkəti qaydalarının tənzimlənməsi məqsədilə doqquz körpünün, dörd yol keçidinin tikilməsi haqqında çox böyük bir fərman imzaladı. Artıq iki körpü və iki keçid hazırdır. Bu çox yaxşı haldır. Həqiqətən, Prezident İlham Əliyev bu işlərə böyük qayğı ilə yanaşır. Ancaq məsələ burasındadır ki, bunların tikilib qurtarması ilə iş bitmir. Bakıda çoxdan, 1970-80-cı illərdə tikilmiş yol keçidləri var. Bir əlaqədar təşkilat maraqlanmır ki, bu gün yeni yol keçidləri tikilirsə, bəs əvvəlki yol keçidləri haradadır? Məsələn, Füzuli meydanının altında yol keçidi var. Bu gün adam ora girməyə iyrənir. O keçidə heç kəs girmək istəmir, ora alverxanaya çevrilib. Vağzalın qalağında Cəfər Cabbarlı heykəlinin altında yol keçidi var. Mən xahiş edirəm, gedin baxın, görün ora girmək mümkündürmü? Orada bütün günü alverdir. Orada ekoloji durum tam pozulub. Bunlar bizim insanlardır. Onların həyatı bizi narahat etməyə bilməz.
Ona görə mən hesab edirəm ki, bu gün bu qanunları biz qəbul ediriksə, bu qanunların icrasına da nəzarət olunmalı, xüsusi ilə böyük təbliğat işləri aparılmalıdır. Düzdür, bizim televiziya kanalları yollardakı qəzalar barədə gündəlik məlumat verirlər. Yaxşı olar ki, hər yarım saatdan, bir saatdan bir yol hərəkəti qaydalarını pozanlar haqqında verilişlər getsin. Hökmən deyil ki, orada respublika yol hərəkəti inspeksiyalarından adamlar olsun, lazımdır ki, televiziyalar çəksinlər, qaydaları pozan maşınların nömrələrini göstərsinlər. Getdiyin yerdə bir də görürsən ki, qarşıdan gələn maşının sürücüsü maşını düz üstünə sürür. Məcbursan ki, yoldan kənara çıxasan. Bu gün keçidləri də qorumaq lazımdır. Adicə Politexnik İnstitutunun qabağında 1970-1980-ci illərdə tikilən yol keçidindən bir insan, bir tələbə istifadə etmir. Bəs bunlar təbliğ olunmalıdır. Bunlar bizim uşaqlardır. Tıxacları yaradan onlardır. Əlbəttə, gözlənildi ki, daha yeni, böyük körpülər, keçidlər tikiləcək. Ancaq bunların hamısının qorunması üçün təbliğat işləri aparılmalıdır. Xüsusi polislər qoyulmalıdır, o keçidlərdən istifadə etməyənlərə müəyyən cərimələr kəsilməlidir ki, ona bir diqqət artırılsın.
Mən ona görə hesab edirəm ki, biz qanunları qəbul etməklə bərabər bunlara nəzarət haqqında da fikirləşməliyik. Belə bir şöbə, qurum yaradılsın ki, gələcəkdə bu qanunların icrasına nəzarət olsun. Qanunları qəbul etməklə iş qurtarmır, bu qanunların həyata keçirilməsi üçün bu şöbə fəaliyyət göstərsin. Mən belə hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən qısa danışacağam. Valeh müəllim dedi ki, bu qanunlara başqa məsələləri qatmayaq. Amma imkan düşəndə demək lazım gəlir. Mən bir məsələyə toxunmaq istəyirəm. Bakıda svetoforlarla əlaqədar olaraq bizə çoxlu müraciətlər olub. Svetoforlarda piyadalar üçün olan işarə tamamilə ləğv olunubdur. Bizim evin yanında valideynlər, məktəblilər müraciət ediblər. Mən indi sorğu ilə müraciət edirəm ki, bu məsələyə aydınlıq gətirilsin, bu svetoforların bu cür quraşdırılmasının səbəbi izah olunsun. Bu, yol hərəkəti ilə bağlı çox vacib bir məsələdir. Bu nizama salınsın. Əgər burada nümayəndələri varsa, bunu onların nəzərinə çatdırmaq üçün dedim. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, “Yol hərəkəti haqqında” Qanuna birbaşa adiyyəti olmasa da, bu gün şəhərdə və ümumiyyətlə ölkədə bu sahədə yaranmış vəziyyəti müzakirə eləməliyik. Mənim də fikrimcə, qəbul elədiyimiz qanunların icrasına biz nəzarət eləməliyik.
Bu gün hamımız şəhərdə tıxaclardan gileylənirik. Amma tıxacın yaranmasının ən döyük səbəblərindən biri odur ki, hər kəs hər yerdə maşın saxlayır. Əsas yollarımız elə bir vəziyyətə düşüb ki, bir maşın belə gedə bilmir. Şəhərdə dayanacaq sistemi tamamilə yoxdur. Bu məsələlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı nəzarət etməlidir. Bu dayanacaqlar üçün yer ayırmalı və hər kəs bilməlidir ki, maşını harada saxlamaq olar. Şəhərdə yol nişanlarına baxın. Harada maşın saxlamaq olar, harada olmaz – bunu göstərən heç bir nişan yoxdur. Maşını kim harada istəyir, saxlayır. Amerika səfirliyi və bəzi digər səfirliklər özləri üçün qaydalar qoyub – burada maşın saxlamaq olar, burada olmaz. Buna onlar nəzarət edir. Gedin, İçərişəhərə baxın. Orada yollar çox dardır, heç bir sistem yox, qayda yox.
Mən hesab edirəm, buna cavabdeh təşkilatları, Bakı Şəhər İcra Hakimiyyətinin, Yol Polisinin rəhbərliyini biz buraya dəvət etməli və bu məsələləri onların qarşısında qaldırmalıyıq. Yoldaşlar dedilər, hətta şəhərin mərkəzində piyadalar üçün yol nişanları yoxdur. Bu nə deməkdir axı? Yol Polisinin rəhbərliyi gəlməlidir, buna cavab verməlidir.
Yəqin ki, deputatlarımızın çoxu görüb, şəhərdə 12-13-14 yaşlı uşaqların hamısı maşın sürür. Bu nə deməkdir? Kim istəyir, maşın sürə bilir. Yaxşı bilir, pis bilir. Sürücülük vəsiqələrini kim istəsə, ala bilir. Bunun da nəticəsində yol qəza hadisələri, piyadalarla baş verən hadisələr durmadan artır. Biz isə deyirik ki, bu qanuna aidiyyəti yoxdursa, danışmayaq. Bu məsələlərin çox aidiyyəti var və biz bunlar haqqında danışmalı, bu məsələlərə ciddi baxmalıyıq. Sürücülük vəsiqələrinin verilməsi məsələsinə nəzarət güclənməlidir. Yenə də deyirəm, heç oxudu, oxumadı, kim kimdən istəyir, maşın sürməyi öyrənir, sonra düşür şəhərin canına. Mən keçən dəfə görürəm, uşağın uzağı 10 yaşı var, şəhərdə maşın sürür. Bu şəhərdə heç kəs də ona gözün üstdə qaşın var demir. Bu məsələlər, mən hesab edirəm ki, burada ciddi şəkildə müzakirə olunmalıdır.
İkinci bir məsələ. Bunun da aidiyyəti yoxdur. Amma biz rüsumlarda pasportlarla bağlı dəyişikliklər elədik. Xeyli böyük pullardır. Yaxşı, biz bunu cüt nömrələr deyilən sanballı nömrələrin verilməsinə niyə tətbiq eləmirik? Dünyanın hər yerində, məşhur ölkələrdə belə sanballı nömrələr, cüt nömrələr var və bunlar çox baha qiymətə alınır. Bunu hər kəs bilir ki, kim maşınına o nömrələri alsa, nə qədər vəsait ödəyir və bu vəsaitlər hara gedir. Gəlin buna da pasportların alınmasında olduğu kimi rüsumlar qoyaq. Kim almaq istəyir, Allah onun canını sağ eləsin, qoy alsın. Amma bu pul dövlətin büdcəsinə getsin. Gəlin biz bu dəyişiklikləri də edək. Mən hesab edirəm, bunlar lazımi dəyişikliklərdir və dövlət bununla kifayət qədər böyük bir vəsaiti öz büdcəsinə cəlb edə bilər. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mənə elə gəlir ki, bu dəyişikliklərin edilməsi vacibdir və bu, yol hərəkəti sistemində maliyyə problemlərinin daha şəffaf, daha düzgün olması üçün şərait yaradır. Düşünürəm, Bakı şəhərində yaranan vəziyyət ona səbəb ola bilər ki, ümumiyyətlə, “Yol hərəkəti haqqında” Qanuna yenidən baxmalı olarıq. Çünki elə məsələlər var ki, köhnəlib, onları dəyişmək lazımdır.
Mən bir ildən artıqdır ki, Nazirlər Kabineti daxil olmaqla respublikada yol avtomobil hərəkəti qaydaları ilə məşğul olan idarələr qarşısında bir problemi qaldırıram. Amma indiyə qədər o problemi həll etmək mümkün olmayıb. Məsələ bundadır ki, mənim seçildiyim Nizami rayonunda hər iki məktəb yolun bir tərəfinə düşdüyü üçün məktəblilər Özbəkistan küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsində svetofor olmadan bu yolu keçməlidirlər. Mən dəfələrlə müraciət elədim. Bilirsiniz, nə cavab verdilər? Dedilər ki, gərək üç nəfəri maşın vursun və bu maşın vurma ölümlə nəticələnsin, ondan sonra bu məsələni qaldırmaq mümkün olsun.
Sədrlik edən. O sözü sizə kim deyib?
C. Həsənli. Dövlət avtomobil yolları idarəsinin müvafiq komissiyası.
Sədrlik edən. O müvafiq komissiyada oturan konkret şəxsin adını deyin. Ümumi danışmayın. Mən inanmıram, polisdə elə bir adam tapılsın ki, o cür vicdansız söz desin. Danışırsınız, məsuliyyətlə danışın. Necə yəni üç nəfər ölsün, sonra yolu düzəldək? Adını, familiyasını deyin.
C. Həsənli. Bir dəqiqə qulaq asın, Ziyafət müəllim. Mən həmişə məsuliyyətlə danışmışam. Sözü deyirəmsə, dediyim sözə cavabdehəm. Mənim sorğuma əsasən Zeynalov iki nəfər polkovniki Qara Qarayev prospektinə göndərib. Ölçüblər, deyiblər, biz Nazirlər Kabineti qarşısında da bu məsələni qaldırmışıq, amma bizim mövcud qaydalar belədir ki, yeni svetofor qoymaqdan ötrü üç nəfər adamı maşın vurandan sonra bu iş müzakirə olunub həll edilə bilər. Siz yüksək vəzifəli bir şəxssiniz. Əgər inanmırsınız, zəng edin, soruşun. Familiya istəyirsinizsə, mən o familiyaları dəqiqləşdirib Sizə deyərəm. İndi isə mən deyirəm ki, artıq üç nəfəri orada maşın vurub. Xahiş edirəm, Siz də müdaxilə eləyin, bu məsələ öz həllini tapsın.
Sədrlik edən. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli Bahar xanım, hörmətli Valeh müəllim! Mən çox istəyirəm öyrənəm ki, biz hara tələsirik? Bizi qovan varmı? Birinci məsələdə ondan artıq deputat yazılmışdı. Belə qərara gəlindi ki, biz çıxış eləməyək. Amma məsələ bundadır ki, bizim tribuna buradır. Biz mətbuata üz tutmalı, başqa yerlərdə çıxış eləməliyik? Biz sözümüzü burada deməliyik. Hörmətli Valeh müəllim, məsələ burasındadır ki, mən çıxış eləsəydim, Ziyafət müəllimin dediyi kimi, adbaad deyəcəkdim ki, işığı, qazı, digər enerji resurslarını konkret kimlər oğurlayır. Bunlar vəzifəli adamlardır və bu sahədə vəzifə tutan şəxslərdir. Burada da oturmuşdular. İmkan vermədiniz. Onda belə çıxır ki, biz gedib sözümüzü haradasa deməliyik, haradasa danışmalıyıq. Cənab Prezident burada çıxış eləyəndə qeyd elədi ki, xahiş edirəm, bütün məsələləri müzakirə eləyin. Siz deyirsiniz, bu parlamentdə mən təzəyəm. Siz təzə deyilsiniz. Siz çox təcrübəli insansınız. Çox gözəl bilirsiniz ki, əgər problem deyilirsə, artıq, o, 50 faiz həll olunub. Problem deyilməlidir.
Biz millət vəkilləriyik, biz millətin sözünü deyirik. Mən sizə burada elə faktlar deyəcəkdim ki, o, Həsənin, Hüseynin başına gəlməyib. Mən dinməz-söyləməz evimdə oturub adımı verməmişəm, bildirməmişəm ki, bura kimin evidir, burada millət vəkili yaşayır. İki həftə mənim evimə qaz çəkməyiblər, sayğac qoymayıblar, rüşvət istəyiblər. Belə şeyləri harada deməliyik? Əgər mənim başıma bu oyun gəlirsə, görün kimlərin başına nə oyun gəlir.
Sədrlik edən. Gülər xanım, mən üzr istəyirəm, bu məsələ səsə qoyulmazdan əvvəl mən sizə müraciət elədim. Dedim ki, əgər etirazınız yoxdursa, səsə qoyaq. Mən görmədim axı Siz çıxış eləmək istəyirsiniz. Təkid eləmədiniz. Eləsəydiniz, mən böyük məmnuniyyətlə Sizə söz verərdim. Olmaz axı. Hamının gözü qabağında olan şeydir. Buyurun, davam edin.
G. Əhmədova. Təşəkkür edirəm, daha sözüm yoxdur.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bir halda ki bu mövzu açılıb, mən də bu məsələyə toxunmaq istəyirəm. Bakı sakini kimi mən də, mənim minlərlə seçicim də Bakıdakı nəqliyyat problemindən hər gün əziyyət çəkir. Bu barədə uzun danışmağa ehtiyac yoxdur. Amma diqqəti cəlb eləyən nədir? Körpülərin çəkilməsi çox gözəldir. Onun təbliğatı gedir, bu barədə hər gün danışılır. Amma bu, problemi həll eləməyəcək. Çünki əsas tıxaclar şəhərin mərkəzində yaranır. Mərkəzdə gərək kompleks tədbirlər aparılsın. Gülhüseyn müəllim fikrini dedi. Dedi ki, yolun qırağında şadlıq evləri tikilir, qastronom tikilir. Bu maşınlar harada durmalıdır? O nəzərə alınmır. Buna icazə verən yerli orqanlar gərək bunu nəzərə alsınlar.
Bakıda Ramstor tipli və ya yanındakı digər böyük müəssisələr kimi bir neçə iaşə müəssisəsi var ki, onların avtomobil dayanacağı var. Amma Bakının mərkəzindəki qastronomların və ya digər iaşə müəssisələrinin heç biri bu tələblərə cavab vermir. Məsələ ondadır ki, Bakı Amerikanın 1960-cı illərdə yaşadığı avtomobilləşmə prosesini yaşayır və ona dövlət orqanları hazır olmalıdır. Bu prosesi yaşayan ölkələr ona uyğun da tədbirlər görüblər. 1970-ci illərdə Tehranda da neft bumu var idi. Onda Tehran bələdiyyəsinə qanunla hüquq verdilər ki, yeni yolların çəkilməsi ilə bağlı özü qərar versin. İndi bizdə nə olur? Bir balaca, kiçik torpaq olan kimi yaşayış binalarının tikilməsinə icazə verilir və sabah orada yol çəkmək lazım olanda, – bu da ki, əlbəttə, lazım olacaq, 3-5, neçə ildən sonra oradan mütləq yol çəkiləcək, – onda həmin bina gərək sökülsün.
Digər bir məsələ də şəhərin mərkəzində avtomobil dayanacaqları üçün sahələrin ayrılmasıdır. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə vəsaitin ayrılması lazımdır. Çünki bu problemlər ildən-ilə ciddiləşir, mürəkkəbləşir və bir ildən sonra həmin problem daha ağır şəkil alacaq. Yol polisi pis işləyib, indi də pis işləyir. Yol polisi elə daimi tənqid hədəfidir və o da öz işini yenidən qurmalıdır. Maaşları bir neçə dəfə artsa da, yenə pis işləyirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Vallah, mən Sizi deyə bilmərəm, amma doğrudan da, axşamlar tıxac olur və mən özüm görmüşəm ki, polis ən gərgin iş rejimində işləyir. Xüsusən yol polisini nəzərdə tuturam. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Ziyafət müəllim, Siz çox düzgün vurğulayırsınız ki, hər şey özümüzdən başlamalıdır. Qanuna hörmət qanuna riayətdən başlayır. İndi baxın, biz özümüz qanuna riayət edirik, ya yox? Mən bir misal gətirim. Biz çox alovlu danışırıq. Amma deputatlar bir evdə yaşayırlar. Keçmiş 2-ci paralel küçəsi, – indi deyəsən, Baba Məcidov adlanır o küçə, – oradan tez-tez keçirəm. O evi tanıyırsınız da? Beşmərtəbəli bir binadır. Orada yaşayan deputatlar məni başa düşərlər. Musa müəllim orada yaşayır. Deputatlar o binada məskunlaşmazdan əvvəl orada hərəkət çox sakit idi. Evin böyründə bir balaca küçə var, biz o küçə ilə gedirik. İndi deputatlar o evdə məskunlaşandan bəri həmin küçədə hərəkət hissəsini bağlayıblar. Bir dənə də köşk qoyublar özləri üçün. Biz o küçədən keçə bilmirik. Deputatların evinin ətrafı artıq hasarlanıb və onlar hərəkət hissəsini bağlayıblar. Elə əsas problem bundan başlayır. Siz deyirsiniz ki, riayət... Deputatlar özləri riayət edirlər? Deputatımızdan xahiş edirəm, o evin böyüyü kimdirsə, o keçid hissəsini boşaltsın, biz oradan keçə bilək. Sanki o bina Prezident Aparatıdır, yaxud Daxili İşlər Nazirliyidir. Hamı da sizi tənqid eləyir, hər bir söyüşlərlə söyürlər. Bunu biləsiniz.
Sədrlik edən. Təkid eləyən varmı? Cavid müəllim, buyurun.
C. Qurbanov. Təşəkkür edirəm, Ziyafət müəllim. Burada söhbət yol haqqında gedir. Mən də yollarla məşğul olduğuma görə deputat həmkarlarıma bu məsələlərlə bağlı bir balaca izahat vermək istəyirəm.
“Yol hərəkəti haqqında” Qanun, əsasən, sürücülük vəsiqələri ilə əlaqədar olan məsələləri tənzimləyir. O qanunda yol hərəkətinə dəxli olan bir şey yoxdur. Amma “Yol hərəkətinin tənzimlənməsi və təşkili haqqında” bir Qanun hazırlanıb və biz indi bu qanuna dəyişiklik etmək istəyirik. Nəqliyyat Nazirliyi olaraq bu dəyişikliyi biz hazırlayırıq. Yəqin ki, çox yaxın vaxtlarda qanuna bu dəyişiklik Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Bakıda tıxacların yaranması məsələsinə gəlincə, bilirsiniz ki, bu ilk növbədə ölkədə iqtisadiyyatın güclü inkişafı ilə əlaqədardır. Dekabr-noyabr aylarında Azərbaycan Respublikasına 180 mindən çox avtomaşın gətirilib. Beş il bundan qabaq hər min adama, deyək ki, 50 maşın düşürdüsə, artıq bu maşınların sayı 200-250-yə gəlib çatıb. Yəni maşınlar çoxalıb. Rusiyadan idxal olunan maşınlar, köhnə maşınlar daha çoxdur. Bunların hamısının tənzimlənməsi üçün dövlət rəhbərliyi, hökumət bu saat qərarlar qəbul eləyir.
Bu tıxaclar məsələsini hərə bir cür həll eləyir. Şəhərdə bir var baş yollar, əsas küçələr, bir də var ara küçələr. Bu ara küçələrin təmir olunması lazımdır. Bu küçələr elə bilin ki, bir növ süzgəcdir. Bu süzgəclər gərək yaxşı işləsin ki, içəridə basırıq yaranmasın. Tikilən körpülər problemin həllinə qismən kömək edəcək. Amma bununla kifayətlənmək olmaz. Moskva artıq dördüncü dairəvi yolunun tikintisini başa çatdırır. Bizdə birinci, ikinci və üçüncü dairəvi yolların layihəsi var. Artıq birinci dairəvi yolun tikintisi başlanır. Təqribən 15-20 gündən sonra, yanvar ayının 5-də, 6-da kommunikasiyaların köçürülməsi başlanır. Bu yol Tbilisi prospektindən, 6-cı kilometrdən keçərək 14-cü kilometrədək uzanacaq. İkinci dairəvi yol yenə həmin o 14-cü kilometrdən uzanıb Lökbatan-Hacıhəsənin üstündən keçir, Binəqədidən ötərək Suraxanı, Zabrat şosesini fırlanıb Zığ qəsəbəsinə gəlib çıxır. Üçüncü dairəvi yol da Bakıdan cənub istiqamətində 37-ci kilometrdə olan Dövlət Avtomobil Müfəttişliyi postunun yanından keçərək Sumqayıtın girəcəyində-çıxacağındakı yola qədər uzanır.
Bu yollardan başqa, mənim süzgəc dediyim köməkçi yollar da var. Onlara bir neçə misal çəkim. Ziya Bünyadov küçəsini yaxşı tanıyırsınız, Dərnəgül şosesi deyirlər. Orada çox böyük alver gedir. Yolun sağında-solunda çoxlu sayda maşınlar qoyublar. Orada arxadan gedən bir yol var. O yol Binəqədidə körpünün yanına gedib çıxır. Həmin yolun təmir olunması, hesab eləyin ki, oradan maşınların çıxmasını tam təmin edə, yəni süzgəc rolunu oynaya bilər. Yaxud Zabratdan gələn bir yol gedib Binəqədinin o biri tərəfindən çıxır. O da daha bir süzgəc olar, maşın axınını dartıb apara bilər. Bunların hamısı edilir. Yəqin ki, yaxın bir vaxtda Prezidentin müvafiq sərəncamı olacaq və ondan sonra bu məsələlərin hamısı həll ediləcək. Dövlət Yol Müfəttişliyi də pis işləmir. Bunlar axır vaxtlar çox gərgin işləyirlər. Gəlin onları həvəsdən salmayaq, qoy işləsinlər. Sağ olun.
Sədrlik edən. Sabir müəllim, təkid eləyirsiniz? Buyurun.
S. Rüstəmxanlı. Bu qədər geniş danışılır, hamı maşının çoxalmasından danışır. Mənə elə gəlir, şəhərin mərkəzi boşalmalıdır. İçəri Şəhər xarici ölkələrin təmsilçiləri ilə dolub. Onların iri maşınları o dar küçələrdə İçəri Şəhərin həm havasını, həm mənzərəsini dəyişir. İçəri Şəhərdən bütün xarici ölkələrin nümayəndəlikləri çıxarılmalıdır. Şəhər içindən böyük ticarət müəssisələri, univermaqlar, bir sıra idarələr çıxarılmalı, şəhərin mərkəzi bir az boşaldılmalıdır. Əksinə, Mərkəzi Univermağın böyründə 20 mərtəbəli binalar tikilir. Orada bir 200 də maşın olacaq. O maşınlar harada dayanacaq? Şəhərin mərkəzində tikinti dayandırılmalıdır. Böyük müəssisələr İçərişəhərdən tamamilə çıxarılmalıdır. Ümumiyyətlə, İçərişəhərə gərək maşın buraxılmasın. Biz hər şeyi düşünürük, amma şəhərin mərkəzinin bir az yüngülləşdirilməsi haqqında nədənsə düşünmürük. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət Həsənova.
M. Həsənova. Çox sağ olun. Ziyafət müəllim, hörmətli Bahar xanım, biz hamımız bir binada yaşadığımıza baxmayaraq, siz nədənsə hörmətli həmkarım Elmira xanım Axundovanın çıxışına münasibət bildirmədiniz. Bu məni çox narahat etdi. Çünki burada mətbuat nümayəndələri iştirak eləyirlər. Biz danışanda bir az ehtiyatla danışmalıyıq. Səhər bütün mətbuat Milli Məclis deputatlarının yaşadığı binanın yanında yaranan hansısa problemləri millət vəkillərinin ayağına yazacaq. Elmira xanım, əgər bilmək istəyirsinizsə, mən də orada yaşayıram. O binada çox hörmətli adamlar yaşayırlar. Siz dediyiniz problemin nə bizim binada yaşayan sakinlərə, nə də binaya dəxli var. Əksinə, fürsətdən istifadə edərək demək istəyirəm ki, bir neçə gündür bizim o qədər hörmətli adamların, parlament üzvlərinin 60 faizinin yaşadığı binanın ətrafında gündə bir problem baş verir. Məsələn, iki gün bundan öncə kanalizasiyanın partlaması ilə bağlı orada çox ciddi problemlər yaranıb. Dediyiniz problemin isə o binada yaşayan sakinlərin heç birinə dəxli yoxdur.
Yol hərəkətinin tənzimlənməsi ilə bağlı bu dəyişiklikləri isə mən də dəstəkləyirəm. Burada həmkarlarım çox dəyərli fikirlər səsləndirdilər. Mən daha bir məsələni qeyd etmək istəyirəm. Bu məsələni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala müəllim də çıxışlarında dəfələrlə demiş, söz vermişdi ki, 2006-cı ilə qədər şəhərdə kiçik tutumlu marşrut taksiləri yığışdırılacaq və bu nəqliyyat vasitələri ən yüksək standartlara cavab verən avtobuslarla əvəz olunacaqdır. Hətta qonşu Tbilisidə artıq ən yüksək standartlara cavab verən avtobuslardan istifadə edilir.
Respublikamız günü-gündən güclənir. Azərbaycan regionda lider olan qüdrətli bir ölkə kimi tanınır. Burada xaricilər çoxdur və həqiqətən, adam o marşrut taksilərinin göstərdiyi yarıtmaz xidmətə, küçələrdə yaratdığı tıxaclara görə xəcalət çəkir. Mən xahiş edərdim ki, burada aidiyyəti təşkilatların rəhbərləri iştirak edirlərsə, onlar da bu məsələnin aradan qaldırılması ilə bağlı müəyyən tədbirlər görsünlər. Çox sağ olun.
V. Ələsgərov. Çox üzr istəyirəm, mən də iki kəlmə söz deyim. Birincisi, mən bu gün təklif eləmədim ki, müzakirələri dayandıraq. Mən hamınızı təklif olunan qanun ətrafında müzakirələr aparmağa, ondan qırağa çıxmamağa dəvət etdim. Bu bir. İkincisi, bax indiki müzakirəyə diqqət yetirin. Qanuna baxın və ətrafındakı müzakirəyə baxın. İki kəlməlik qanundur, hər şeyi danışdıq. Ürəyimizi boşaltmaq istəyirik, bu başqa məsələ.
Amma təklif varsa, gəlin təklif verək. İçəri Şəhərə xarici nümayəndəliklərin maşınları hər girəndə 50 manat, hər çıxanda 50 manat ödəsinlər. O pulla da yeraltı dayanacaqlar düzəlsin. Küçələrdə iki sıra, üç sıra dayanan maşınlar dayanacaq haqqı ödəsinlər. O pulların hesabına yeraltı dayanacaqlar düzəlsin. Qayda-qanuna, prosedura, daxili nizam-intizama uyğun olaraq konkret təklif olsun. Əgər ürək boşaltmağa gəlmişik, onu da qəbul eləyirəm. İki səhifəlik qanunun bu boyda müzakirəsi nədir? Konkret təklif də verək ki, “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər bununla məhdudlaşmır. Bunu qəbul eləyirik, ancaq əlavələr də olacaqdır. Gəlin onu müzakirə eləyək, onları təklif eləyək, yeni qanunvericilik aktını təqdim eləyək. Söhbət bundan gedir. Niyə bəzi adamlar məni başqa cür başa düşür?
Sədrlik edən. Sağ olun. Aqil Abbasov.
A. Abbasov. Mənim demək istədiklərimi artıq Valeh müəllim dedi. Təklif eləyirəm, məsələ ciddi müzakirə olunsun və yol hərəkəti qaydalarının pozulmasına görə cəza tədbirləri də buraya əlavə edilsin. Bayaq burada məsələ qaldırıldı ki, enerji oğruları cinayət məsuliyyətinə cəlb olunsun. Bir-iki toyuq oğurlayana 3 il həbs cəzası verilir. 7000 manat ziyana görə isə burada deyirik, cəza verilməsin, həbs olunmasın. Mən deyəndə ki, cəza tətbiq olunsun, İnzibati Xətalar Məcəlləsinə əlavələr edilsin ki, bu adamların cəzaları artırılsın, sürücülük vəsiqəsi əllərindən alınsın, filan, o dəqiqə deputatlar deyirdilər ki, vətəndaşlara cəza vermək olmaz. Mənim təklifim odur ki, yol hərəkəti ilə bağlı məsələ gündəliyə salınsın, ayrıca müzakirə olunsun, konkret təkliflər olsun.
Bir dənə də xırda əlavəm var. Qənirə xanım dedi ki, 10 yaşında uşaq maşın sürür, polis ona gözün üstə qaşın var deyə bilmir. Polis ona gözün üstə qaşın var deyə bilir, amma həmin uşağın atası onu deyən polisin gözünü çıxarır, qaşını da qırxır. Sağ olun.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Əslində, mən istərdim, gedişatla bağlı iradımı bildirim. Ötən dəfə də, Ziyafət müəllim, mən bir təklif deyəndə, 1920-ci il qanunu barədə söhbət eləyəndə, Siz dediniz ki, gedin o qanunu bir də oxuyun.
Sədrlik edən. Bu məsələ qurtardı.
N. Nəsibli. Bu gün də mən söz deyirəm, siz mütləq gərək bunun qarşısında bir söz deyəsiniz. Mən deyəndə ki, polis pis işləyir, bilirəm nə deyirəm. Cəmil müəllimin dediyi məsələ ilə...
Sədrlik edən. Siz öz fikrinizi deyirsiniz, mən də öz fikrimi deyirəm də. Yaxşı, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 84
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə. Komissiya sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, müzakirə olunan məsələ “Onkoloji yardım haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Bu tətbiqlə bağlı iki qanuna dəyişiklik və əlavə edilməlidir. Birincisi “Əhalinin sağlamlığının qorunması haqqında” Qanundur, ikincisi Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə bağlı olan dəyişikliklərdir. Hər iki dəyişiklik əhalinin sağlamlığının müdafiəsinə yönəlib. “Onkoloji yardım haqqında” Qanunda artıq öz əksini tapan bu müddəalar həm “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna, həm də Cinayət Məcəlləsinə əlavə olunub. Hər iki müddəa, hər iki dəyişiklik bizim xəstələrin xeyrinə olan dəyişikliklərdir. Deputat həmkarlarımdan xahiş edirəm, səs versinlər.
Sədrlik edən. Əli müəllim, bu məsələ Sizin də komissiyada müzakirə olunub. Əlavəniz varmı? Yoxdur. Qənirə Paşayeva.
Q. Paşayeva. Ziyafət müəllim, mən, sadəcə, bir rəqəmi açıqlamaqla qısa təklif eləmək istəyirəm. Çünki dünyanın hər yerində artıq bu, qəbul olunub. Bu çox müsbət bir haldır. Biz qəbul elədik, dəyişiklik də eləyirik. Amma onkoloji xəstələr ölkədə bu gün faiz nisbətinə görə artıq birinci yerə çıxıb. Bu qədər insana yardım eləmək asan olmayacaq. İkincisi də, bu yardımları daha çox kimə eləyirik? Axırıncı stadiyada olan insanlara. Mən sizə oxuyum, bu bizim Onkologiya Mərkəzinin rəqəmidir. Azərbaycanda süd vəzisinin xərçəngi onkoloji xəstəliklərin strukturunda birinci yeri tutur. 2005-ci ildə onun faizi bizim ölkədə qadınlarda olan bədxassəli şiş xəstəliklərinin 15,9 faizini təşkil edir və son 5 ildə süd vəzisinin bədxassəli şişləri ilə xəstələnmə halları nə az, nə çox, düz 44 faiz artıb. Bu proses Azərbaycanda həddən artıq sürətlə gedir.
Dünyada bu problemi necə həll eləyirlər? Qadınlar ən azı iki ildən bir, ildə bir dəfə bununla bağlı müayinədən keçirilir və bu, görülən tədbirlərin effektivliyini artırır. Bizdə isə bu qadınlar ağır vəziyyətə düşdükdən sonra bunlara pulsuz ilkin tibbi yardım göstərilir. Biz bunlara pulsuz ilkin tibbi yardım göstərməkdənsə, daha yaxşı deyilmi ki, xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirləri pulsuz həyata keçirək və bu problemi aradan götürək? Dünya buna doğru gedir. Mən sizdən xahiş edirəm, onkoloji yardımla bağlı qanuna bir düzəliş eləyək və məsələni bu şəkildə qoyaq.
Sədrlik edən. Qənirə xanım, Sizin dediyiniz məsələ burada 28-ci maddədə öz əksini tapıb: “Onkoloji xəstələrin həyat və sağlamlığı üçün təhlükə olduqda uyğun müalicə onların razılığı olmadan da aparıla bilər.” Dövlət bunun üçün də tədbirlər görür, bu cür xəstələr pulsuz müalicə olunurlar. Yəni dövlətin istər ilkin mərhələdə, istərsə də sonrakı mərhələdə nə imkanı varsa, onu da eləyir. Sadəcə olaraq, bu cür xəstələr, çox təəssüf ki, xəstəliyin artıq son mərhələsində həkimə müraciət edirlər. Ona görə də lazımdır, hər bir insan 6 aydan bir, 8 aydan bir belə müayinədən keçsin ki, sonradan belə problemlər yaranmasın. Hadi müəllim, sözünüz var? Buyurun.
H. Rəcəbli. Qənirə xanımın narahatlığının əsası var. Bu qanunun yaranması da məhz o zərurətdən doğub. Demək istəyirəm ki, qanunda həmin məsələlər, yəni profilaktika və sair öz əksini tapıb. Eyni zamanda, məlumat üçün deyim ki, möhtərəm Prezidentimizin xüsusi sərəncamı var, onkoloji xəstələrlə bağlı xüsusi proqram müəyyənləşib. Deyilən məsələlərin hamısı həm proqramda, həm də əsas qanunumuzun digər maddələrində ehtiva olunub. Burada isə əlavə və dəyişikliklərdir. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 72
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 75
Yetərsay yoxdur
Yetərsay yoxdur, kim səs verməyib? Qoy hamı gəlsin. Xahiş edirəm, bir daha münasibətimizi bildirək.
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov. Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bizim komissiyada baxılan və parlamentə təqdim olunan bu qanun layihəsinin birinci hissəsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna edilən iki texniki dəyişiklikdir. Bilirsiniz ki, bu qanun 1994-cü ildə qəbul olunub. Dəfələrlə çıxış etmişik, qeyd etmişik ki, bu qanunun üzərində işləmək, onu bizim Konstitusiyaya, mövcud qanunumuza daha da uyğunlaşdırmaq lazımdır. Cənab Prezident tərəfindən təqdim olunan dəyişikliklər də məhz buna xidmət edir. “Ali Sovet” sözləri “Milli Məclis” sözləri ilə və “Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq dənizçi kitabçası” sözləri “dənizçi pasportu” sözləri ilə əvəz olunur. Hər ikisi texniki, amma qanunvericiliyi tənzimləyən dəyişiklikdir. Ona görə xahiş edirəm, buna səs verəsiniz.
Sədrlik edən. Ziyad müəllim, əlavəniz varmı? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bu məsələ Sosial siyasət daimi komissiyası ilə birlikdə müzakirə olunub. Təklif olunan dəyişikliklər məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi qaydasını tənzimləyir. Hesab edirəm ki, bu çox mütərəqqi bir düzəlişdir, indiyə qədər mövcud olmuş problemləri, bəzən də narahatlıqları həll etmiş olur. Hadi müəllim yəqin ki, çıxışında bu detalları səsləndirəcək.
Sədrlik edən. Hadi müəllim, bu məsələ sizin komissiyanızda da müzakirə olunub. Buyurun.
H. Rəcəbli. Sağ olun, Ziyafət müəllim. Əli müəllim məlumat verdi. Mən istəyirəm, yoldaşlar verilən arayışa baxsınlar. Orada “mövcud variant” sözləri yazılıb. Orada belə söz vardı: “Əmək müqaviləsi ləğv edilənədək, əmək münasibətlərində olan işçilərə bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətləri faktiki olaraq verməyərək, həmin məzuniyyətlərin pul ilə əvəz edilməsi qadağandır”. Bu qadağa narahatlıq yaradırdı. İnsanlar məzuniyyətə də çıxmırdılar, pul kompensasiyası da ala bilmirdilər. Bu qadağa maddəsini götürürük. Beləliklə, məzuniyyətə çıxmayan adamlar özlərinin məzuniyyət haqqını kompensasiya kimi ala bilərlər. Çox müsbət və çox mütərəqqi bir dəyişiklikdir.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Növbəti məsələ. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. “Notariat haqqında” Qanuna edilən dəyişiklik İxtisas komissiyaları maddəsi ilə bağlıdır. Bilirsiniz ki, biz “Notariat haqqında” Qanunu qəbul etmişik və müəyyən müddət keçib. Amma notariusların test vasitəsilə seçilib təyin olunmaları hələlik icra olunmamış qalıb. Bu maddəyə dəyişiklik məhz həmin məsələnin operativ həll olunmasına yönəlib. İxtisas komissiyasının tərkibi də 5-ci maddədə verilib. Amma mövcud varianta görə ixtisas komissiyalarının tərkibində notariuslar özləri olmalıdırlar. Təbii ki, hələ imtahan verməmiş və özünün bu vəzifədə çalışması ilə bağlı məsələnin həllini tapmadığı şəxslərin bu komissiyada olması mənasız görünür.
Bu məsələnin həlli üçün müvafiq icra hakimiyyəti orqanları ilə də məsləhətləşmişik. Qanuna həmin məsələnin həlli ilə bağlı dəyişiklik təqdim edirik ki, bu komissiyaların tərkibində notariuslar olmasın. Bunlar marağı olan və üstəgəl bu test imtahanında iştirak etməyib, öz bilik səviyyələri ilə bağlı hesabat verməmiş şəxslərdir. Ona görə hesab edirəm, bu daha ədalətli olar ki, o orqanda çalışmayan müstəqil şəxslər o orqanla bağlı seçim məsələsini həll etsinlər. Ona görə düşünürəm ki, bizim komissiyanın təşəbbüsünü parlament nümayəndələri dəstəkləyəcəklər. Mən sizdən bu qanun layihəsinə səs vermənizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Nazim müəllim, sualınız var? Buyurun.
N. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Təbii ki, biz bu qanun layihəsinə səs verəcəyik. Mənim verəcəyim sual şəxsi notarius institutu ilə əlaqədardır. Bu institut bizdə nə vaxt fəaliyyət göstərəcək? Mən daha demirəm ki, dünyanın bütün inkişaf etmiş ölkələrində şəxsi notarius institutu sahibkarlıq subyekti kimi də geniş fəaliyyət göstərir. Əli müəllim məlumatlı adamdır, yəqin ki, mənim bu barədə sualımı cavablandırar.
Sədrlik edən. Mən belə başa düşdüm ki, söhbət özəl notariatlardan gedir. Buyurun, Əli müəllim.
Ə.Hüseynov. Çox sağ olun, Nazim müəllim, tamamilə haqlısınız, o mənada ki, həqiqətən, bazar iqtisadiyyatı şəraitində, sahibkarlığın inkişaf etdiyi bir şəraitdə özəl notariusların olması və normal fəaliyyət göstərməsi zəruridir. Qeyd etmək istəyirəm ki, bu düzəliş özəl notariusların da seçilib fəaliyyətə başlaması üçün normativ hüquqi baza rolunu oynamış olacaq.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Mən bu suala bir balaca aydınlıq gətirmək istəyirəm. Çünki mən də vaxtilə Ədliyyə Nazirliyinin işçisi olduğuma görə bildirmək istəyirəm ki, özəl notarius haqqında qanun var və bu gün mövcud olan notariuslara nazirlik tərəfindən müraciət olunmuşdu ki, istənilən notarius elementar bir ərizə ilə şəxsi notarius ola bilər. Belə bir istək notariat tərəfindən olmadı. Təbii ki, bir neçə müddətdən sonra həmin ixtisas komissiyasının tərkibi müəyyən olunacaq və notarius işləmək istəyən bütün hüquqşünaslar komissiyadan keçdiyi halda həm dövlət notariusu kimi, həm də şəxsi notarius kimi fəaliyyət göstərə biləcəklər. Bu gün bu, həll olunmuş məsələdir və başqa dövlətlərdə olduğu kimi, Azərbaycanda da özəl notariatların fəaliyyəti üçün imkan mövcuddur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Növbəti məsələ. “İnzibati icraat haqqında” Qanuna dəyişiklik edilməsi barədə. Əli müəllim, buyurun. Bu, deyəsən, sırf texniki məsələdir.
Ə. Hüseynov. Bəli, texnikidir. Amma eyni zamanda özündə müəyyən bir icra mahiyyəti də ehtiva eləyir. Qısaca nə demək istəyirəm? Bilirsiniz ki, biz “İnzibati icraat haqqında” çox mühüm bir Qanun qəbul etmişik. Bu, hüquqi dövlətdə vətəndaş-məmur münasibətlərini tənzimləyən mühüm bir qanundur. Bu qanunun işləməsindən və inzibati məhkəmələrin müraciətlər zamanı bu məsələləri araşdırmasından ötrü İnzibati-Prosessual Məcəllənin də qəbul olunması vacibdir. İş planımızda bu var. Qeyd etmək istəyirəm ki, burada inzibati anlayış sovet hüququndakı inzibati anlayışdan qat-qat fərqlənir. Ona görə burada kifayət qədər işləmək lazımdır və biz bu işi davam etdiririk. Düşünürəm ki, biz bu Məcəlləni artıq yaz sessiyasında yekunlaşdırıb təhvil verəcəyik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə bu məsələlər İnzibati-Prosessual Məcəlləyə uyğun olaraq inzibati məhkəmələr tərəfindən operativ şəkildə araşdırılmalıdır. Bu məsələlər bir biri ilə əlaqəli olduğuna görə biz təklif edirik ki, İnzibati-Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun eyni zamanda qüvvəyə minsin. Fikrimcə, bu düzəliş bizim işlərimizə kifayət qədər kömək edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tamamilə düz buyurursunuz. Təbii ki, biz “İnzibati icraat haqqında” Qanun qəbul eləmişik. Maddi hüquqla prosessual hüquq bir birini tamamlamalıdır. Ona görə də gərək prosessual hüquqda olsun ki, bunlar işləyə bilsinlər. Münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Nəhayət, hamınızın çox səbirsizliklə gözlədiyiniz gözəl bir qanun layihəsi. Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Müzakirənizə təqdim olunan Atçılıq haqqında qanun layihəsi Konstitusiyanın 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmişdir. Konstitusiyanın 96-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq layihə Milli Məclisin müzakirəsinə təqdim edilmiş variantda çıxarılmalıdır. Bu qanun ölkədə atçılığın inkişaf etdirilməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir.
Hörmətli həmkarlar, Azərbaycan atın əhliləşdirildiyi və atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdəndir. Tarixi mənbələr sübut edir ki, dünyada ən qədim cinslərdən olan ərəb atı formalaşana qədər Azərbaycanda Qarabağ cinslərinin o zamankı tipləri mövcud olmuşdur. Azərbaycanda islam dininin yayıldığı dövrdə ərəblər tərəfindən buradan 60 mindən çox qızıl rəngli atlar Ərəbistana aparılmışdır. İstər qədim dövrlərdə, istərsə də yaxın keçmişdə ölkəmizdən İrana, Rusiyaya çoxlu miqdarda cins atların aparılması məlumdur.
Orta əsrləri, xüsusilə XII əsrin ikinci yarısını, XVIII əsri və XIX əsrin birinci yarısını Azərbaycanda atçılığın intensiv inkişaf dövrü hesab etmək olar. Həmin dövrlərdə Qarabağ bölgəsində Pənah xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Usmiyevlərin at zavodlarında Qarabağ cinsinin, Qərb bölgəsində isə Dilbazilər sülaləsinin nümayəndələrindən Allahyar ağanın, Alı ağanın, Hacı Əbdülrəhman ağanın, Hacı Kərim ağanın at zavodlarında Dilboz cinsinin formalaşdırılması və təkmilləşdirməsi üzrə əsaslı işlər aparılmışdır.
Azərbaycan xalqı ta qədimdən atı namus, şərəf və qeyrət rəmzi kimi qəbul etmişdir. Azərbaycanın xalq ədəbiyyatından məlumdur ki, Koroğlu, Babək, Qaçaq Nəbi, digər xalq qəhrəmanlarının döyüşdən qalib çıxmaları yüksək qaçış sürətinə malik olan və dağlıq ərazilərdə yaxşı hərəkət edə bilən atların köməyi sayəsində mümkün olmuşdur. Qaçaq Nəbinin Bozatı bütün əlamətlərinə görə Dilboz atının o zamankı tiplərindən biri idi. Məhz xalqımızın atı şərəf rəmzi kimi qəbul etməsi, ölkəmizin əlverişli təbii coğrafi şəraiti tarixin ən çətin dövrlərində belə Azərbaycanda atçılığın sıradan çıxmasına imkan verməmişdir.
Ölkəmizdə ilk müasir atçılıq müəssisələri və zavodları, Bakıda cıdır meydanı 1923-cü ildə, Şəkidə Daşüz damazlıq təsərrüfatı 1934-cü ildə, Ağdam və Ağstafa at zavodları 1949-cu ildə yaradılmışdır. Həmin zavodlar yaradılarkən vaxtilə xan zavodlarına məxsus atların qalıqlarından istifadə edilmişdir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya Ağdam at zavodunda yetişdirilmiş Zaman adlı Qarabağ atı hədiyyə edilmişdir. Həmin illərdə Rusiyada, Fransada keçirilmiş beynəlxalq at sərgilərində Qarabağ və Dilboz cinsindən olan çoxlu sayda atlar müxtəlif mükafatlara layiq görülmüşdür. 1970-80-ci illərdə hər il 15-20 baş yüksək sinifli Qarabağ və Dilboz atları Moskva auksionu vasitəsilə Avropa ölkələrinə satılırdı. Atçılıq idmanı çox yaxşı inkişaf etməyə başlamışdı. O illərdə sahənin elmi əsaslarla inkişafına böyük diqqət yetirilmiş, xeyli sayda atçı mütəxəssis hazırlanmış, bir çox elmi əsərlər, o cümlədən Qarabağ atlarının dövlət damazlıq kitabının 1-ci cildi hazırlanmışdır.
Müstəqillik qazanıldıqdan sonra respublikada aparılan aqrar islahatlar atçılıq sahəsində də təsirini göstərdi. “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Damazlıq işi haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq Nazirlər Kabineti 21 dövlət damazlıq kənd təsərrüfatı istehsal müəssisəsini, o cümlədən Ağdam və Ağstafa at zavodlarını, Bakı dövlət cıdır meydanını, habelə Şəki rayonundakı Daşüz damazlıq müəssisəsinin at fermasını dövlət mülkiyyətində saxladı. Bunlarla yanaşı, 1998-ci ildə Ağstafa rayonunda Bakı dövlət cıdır meydanının Dilboz atçılıq təsərrüfatı yaradıldı.
Hazırda dünyada yetişdirilən 260-a qədər at cinsindən Qarabağ və Dilboz cinsləri Azərbaycan xalqına məxsusdur. Bu cinslərdən başqa ölkəmizdə Quba, Şirvan at tipləri də yetişdirilir. Hazırda dövlət damazlıq təsərrüfatlarında 347 baş at yetişdirilir. Hər il Bakı dövlət cıdır meydanında 60 başa qədər damazlıq at sınaqdan keçirilir. Yeni iqtisadi şəraitdə atçılıqla məşğul olan özəl qurumlar da formalaşmaqdadır.
Hazırda ölkədə xüsusi mülkiyyətə əsaslanan 20-yə qədər hüquqi və fiziki şəxsdə 500 başdan artıq yüksək sinifli cins atlar var. Yalnız Binədə yerləşən Azərbaycan atçılıq klubunda 150 baş təmiz qanlı ərəb, axaltəkin, ingilis atları yetişdirilir. Hazırda kəndli fermer təsərrüfatlarının imkanlarının zəif olması iş atlarına tələbatı da xeyli artırmışdır. 2006-cı il yanvarın 1-ə olan məlumata görə, ölkə üzrə atların ümumi baş sayı 70 minə yaxın olmuşdur.
Onu da qeyd etməyi vacib bilirəm ki, mənfur qonşularımız Azərbaycanın digər maddi və mənəvi sərvətləri ilə yanaşı, milli at cinslərimizə də sahib çıxmağa cəhd göstəriblər. 2004-cü ildə onlar buraxdıqları markaya XIX əsrdə Xurşidbanu Natəvanın, yəni Usmiyevlərin at zavodunda yetişdirilmiş, 1869-cu ildə Moskvada ümumrusiya at sərgisində mükafat almış Əlyetməz ləqəbli Qarabağ atının şəklini salmışlar. Hamımız bilirik ki, belə markalar bütün dünyaya yayılır, filatelistlər tərəfindən uzun illər saxlanılır, beynəlxalq sərgilərdə nümayiş etdirilir və sairə. Belə faktlar sahəyə xüsusi diqqət yetirilməsi zərurətini bir daha təsdiq edir.
Qarabağ müharibəsi atçılığa da ağır zərbə vurdu. İndi Qarabağ atları da qaçqın düşüb. Ağdam rayonunun işğalı zamanı erməniləri ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu olmuşdur. Lakin insanlarımızın sayıqlığı nəticəsində Qarabağ atları döyüş bölgələrindən çıxarıldı. Onların hazırda yerləşdiyi Bərdənin Lənbəran qışlaqlarının torpaq və bitki örtüyü, təbii şəraiti Qarabağ atlarının doğma yerləri olan Ağdam at zavodunun yerini vermir. Atlar yerli materiallardan tikilmiş qeyri-tipik at tövləsində yerləşdirilmişdir. Təsərrüfatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, yaylaq probleminin həllinə, burada çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac vardır.
Digər damazlıq təsərrüfatlarının da maddi-texniki bazası son dərəcə zəifləmişdir. Ötən əsrin 50-ci illərində Ağstafa zavodunda, Şəki, Daşüz təsərrüfatlarında tikilmiş tövlələr, təsərrüfatlar və qurğular uçub dağılır, yeniləri isə tikilmir. Təsərrüfatlara uzun illərdir yeni texnika alınmır. Köhnələr isə sıradan çıxmışdır. Suvarma sistemləri dağılmış, torpaqlar şoranlaşmış, yem bazası zəifləmişdir.
Damazlıq seleksiya işləri zavod atçılığı səviyyəsində aparılmır. Uzun illərdir zavodlara yüksək sinifli atlar alınmır. Qarabağ və Dilbaz atlarının damazlıq özəkləri getdikcə məhv olur. Cinsin irsi əlamətləri itir. Bütün bunlar, eləcə də digər problemlər sahənin inkişafına ciddi maneçilik törədir. Nəticədə mövcud standartlara cavab verən atların yetişdirilməsi, damazlıq şəbəkəsinin genişləndirilməsi, xarici ölkələrə at satışı yarıtmaz vəziyyətdədir. Yetişdirmə texnologiyasının sınaq prosesinin müasir səviyyədə təşkil edilməsinə, atçılıq zavodlarının, Bakı dövlət cıdır meydanının maddi-texniki bazasının yaxşılaşdırılmasına, yerli əvəzsiz genofondumuz – Qarabağ və Dilboz cinslərinin qorunub saxlanmasına, immunogenetik ekspertiza, dopinqin müəyyən edilməsi üzrə ixtisaslaşan müasir laboratoriyaların yaradılmasına, mükəmməl identifikasiya sisteminin qurulmasına ciddi ehtiyac vardır.
Son zamanlar Bakı cıdır meydanının şəhərdən kənara köçürülməsi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılması barədə fikirlər səslənir. Bunlar adamda təəccüb və təəssüf hissi doğurur. Bilmək lazımdır ki, cıdır meydanları idman müəssisəsi deyil. Hər hansı bir texnikanın, avadanlığın yararlılığını yoxlamaq üçün sınaq stansiyalarından istifadə edildiyi kimi, cıdır meydanları da atların damazlıq keyfiyyətlərini müəyyən edən bir sınaq laboratoriyasıdır. Digər tərəfdən, nə üçün Moskva, London və dünyanın digər tanınmış paytaxt şəhərlərində ippodromlar mərkəzdə ola bilər, Bakıda isə yox? Cıdır meydanları, bir qayda olaraq, məhz şəhərlərin mərkəzi hissəsində salınır ki, mümkün qədər çox insan bu diqqəti cəlb edən, gözəl və maraqlı tamaşanı seyr edə bilsin.
Hörmətli deputatlar, Atçılıq haqqında qanun layihəsi 5 fəsil və 27 maddədən ibarətdir. 1-ci fəsil ümumi müddəalara həsr olunmuşdur. Burada əsas anlayışlar, atçılığın hüquqi tənzimlənməsi və qanunun məqsədi verilmişdir.
2-ci fəsil atçılığın dövlət tənzimlənməsinə həsr olunmuşdur. Bu fəsildə “Atçılıq sahəsində dövlət siyasətinin istiqamətləri”, “Atçılığın inkişafı üzrə dövlət proqramı”, “At cinslərinin dövlət reyestrinin aparılması, cins atların dövlət qeydiyyatına alınması və atlara pasportların, yəni şəhadətnamələrin tərtib edilməsi”, “Atçılıq təsərrüfatlarının dövlət uçotunun aparılması”, “Atçılıq sahəsinə dövlət nəzarətinin həyata keçirilməsi” maddələri öz əksini tapmışdır.
3-cü fəsil “Atçılıqla məşğul olan subyektlər” adlanır. Burada atçılıqla məşğul olmaq hüququ, atçılıqla əlaqədar damazlıq-seleksiya işlərinin aparılması məsələləri işıqlandırılır.
4-cü fəsil atçılıq təsərrüfatlarına həsr olunmuşdur. Burada atçılıq təsərrüfatlarının yaradılması və növləri, atçılıq ferması və atçılıq zavodu, atların süni mayalandırılması və embrionların transplantasiyası mərkəzləri, cıdır meydanları, yəni ippodromları məsələləri əks etdirilir.
Nəhayət, 5-ci fəsil yekun müddəalara həsr olunmuşdur. Burada atçılığın inkişafının maliyyə təminatı və dövlət tərəfindən dəstəklənməsi, milli genofondun qorunması, beynəlxalq əməkdaşlıq və digər məsələlər öz əksini tapmışdır.
Qanun layihəsindən göründüyü kimi, atçılıq fəaliyyətinin bütün problemləri burada öz əksini tapmışdır. Əsas məsələ atçılıq haqqında qanunun qəbul edilməsidir ki, sahənin hüquqi tənzimlənməsi həyata keçirilə bilsin. Qeyd etdiyim kimi, atçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Hazırda dövlət təsərrüfatları ilə yanaşı, özəl sektor da inkişaf edir. Binə aeroportunun yanında tikilmiş, Avropa standartlarına cavab verən özəl cıdır meydanı və atyetişdirmə müəssisəsi buna bariz misaldır. Fərəhləndirici haldır ki, bu ilin yayında Moskvada Rusiyanın Prezidenti cənab Putinin şərəfinə keçirilmiş atçapma yarışlarında ölkəmizi təmsil edən Eşqin ləqəbli at qalib gələrək Rusiyanı təmsil edən atla birinci yeri bölüşdürmüşdür.
Aqrar siyasət daimi komissiyası hesab edir ki, təqdim olunan qanun layihəsində müsbət cəhətlərlə yanaşı, struktur və məzmun baxımından bir sıra ciddi nöqsanlar da mövcuddur. Belə ki, layihənin “Atçılıq təsərrüfatları” adlanan 4-cü fəslində atçılıq təsərrüfatlarının yaradılması, növləri və fəaliyyəti ilə əlaqədar məsələlər çox səthi və natamam verilmişdir. Məsələ ondadır ki, atçılıq təsərrüfatlarının başında atçılıq zavodları durur. Yəni zavodun statusu daha yüksəkdir. Atçılıq zavodlarında məqsədyönlü damazlıq-seleksiya proqramları əsasında damazlıq özəkləri olan təmiz qanlı at cinsləri yetişdirilir. Zavodlar cins atları yetişdirir, damazlıq məqsədləri üçün damazlıq-reproduktor təsərrüfatlarına satır, damazlıq təsərrüfatları isə öz növbəsində yetişdirdiyi atları atçılıq fermalarına satırlar. Ona görə də layihədə olduğu kimi, atçılıq zavodlarını atçılıq fermaları ilə bir maddədə vermək olmaz. Layihədə atçılıq zavodları ayrıca verilməlidir. Burada onların statusu, yaradılma qaydası və fəaliyyətinə dair müddəalar öz əksini tapmalıdır. Çünki ilk baxışda sadə görünən məsələ əslində çox mürəkkəbdir. Qanun hüquqi-normativ aktdır. O, elmi-praktiki cəhətdən kifayət qədər mükəmməl olmalı, sadə insanlar, mütəxəssis alimlər və hətta əcnəbilər tərəfindən oxunanda tam anlaşılmalıdır.
Qanun layihəsində öz əksini tapmayan ikinci prinsipial məsələ genofondu dağılmaqda olan milli at cinslərinin bərpası və tanınması məsələsidir ki, bu da layihədə yoxdur. Mən yuxarıda dedim. Artıq ermənilər bizim at cinslərinə sahib çıxırlar. Əgər belə getsə, Azərbaycanın Qarabağ və Dilboz atları “Qırmızı kitab”a düşəcəkdir. Milli at cinsləri dövlət proqramları və xüsusi layihələr əsasında bərpa olunmalı və buna dövlət büdcəsindən vəsait ayrılmalıdır. Mən bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 2007-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsi üçün cəmi 13,8 milyon yeni Azərbaycan manatı ayrılmışdır ki, bu tədbirlərin içərisində nə atçılıq, nə damazlıq, nə də toxumçuluq işləri vardır. Layihədə atçılıq sahəsində beynəlxalq əməkdaşlıq, atların ölkəyə gətirilməsi, ölkədən çıxarılması, sahənin inkişafının maliyyə təminatı və dövlət tərəfindən dəstəklənməsi maddələri də çox səthi yazılmışdır. Məsələ ondadır ki, hazırda milli at cinsləri, təmiz qanlı Qarabağ və Dilboz atları çox ucuz qiymətlərə alınaraq cins tərkibi itmiş, mənşəyi bəlli olmayan yerli atlar qismində sənədləşdirilərək ölkədən çıxarılır. Beləliklə, milli cinslərin genofondu dağıdılır.
“Atçılığın inkişafının maliyyə təminatı və dövlət tərəfindən dəstəklənməsi” adlanan 18-ci maddə deklorativ xarakter daşıyır. Burada dövlət himayəsindən söhbət belə getmir. Aydın məsələdir ki, buna yol vermək olmaz. Qanunda bu məsələlər ayrı-ayrı müddəalarla tənzimlənməlidir. Maliyyə təminatının və dövlət himayəsinin istiqamətləri prioritetləri əhatə etməlidir.
Layihədə həmçinin cıdır meydanlarının, atçılıq idman məktəblərinin, atçılıq-jokey klublarının hüquqi statusunu müəyyən edən və fəaliyyətini tənzimləyən maddələr yoxdur. Atçılıq haqqında qanunda sahənin bütün məsələləri öz əksini tapmalıdır. Layihə struktur və məzmun baxımından da redaktə edilməli və təkmilləşdirilməlidir. Burada tezis xarakterli müddəalar, məlumatverici cümlələr əksəriyyət təşkil edir. Halbuki qanunun hər bir maddəsi hüquqi tənzimləmə xarakteri daşımalıdır.
Heyvandarlıqda seleksiya-damazlıq işi ən əvvəl atçılıqda başlamışdır və bu gün də seleksiya işini bilən ən güclü mütəxəssislər atçılardır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, atçılıq üzrə yaşlı mütəxəssislər azalır, cavan mütəxəssislər isə hazırlanmır. Bəzi hallarda atçılığı yaxşı bilən atçı mütəxəssislər dolanışıq üzündən başqa sahələrdə işləməyə gedirlər. Layihədə atçı mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, peşəkar mütəxəssislərin əməyinin stimullaşdırılması məsələlərinə də fikir verilməlidir.
Hörmətli deputat həmkarlarım, mən çalışdım ki, qanunun mahiyyəti və vacibliyi ilə yanaşı, Azərbaycanda atçılığın inkişafında bu qanunun nə qədər mühüm rol oynayacağını sizin nəzərinizə çatdırım. Əgər məsləhət bilsəniz, qanunu birinci oxunuşda qəbul edib, düzəlişləri Prezident Aparatı ilə razılaşdıraraq ikinci oxunuş üçün hazırlayarıq. Çıxışımın sonunda xatırlatmaq istəyirəm ki, hələ 1918-ci ildə bolşevik hökuməti xüsusi dekret imzalayaraq, Azərbaycanda mülkiyyət mənsubiyyətindən asılı olmayaraq bütün damazlıq heyvanları, o cümlədən milli at cinslərini dövlətin milli sərvəti elan etmişdi. İndi ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət mülkiyyətində saxladığımız cəmi 21 damazlıq təsərrüfatının inkişafına diqqəti artırmalıyıq.
Hörmətli həmkarlarım, mən sizin hamınızdan xahiş edirəm, bu qanuna diqqətlə yanaşasınız ki, biz sizin irad və təkliflərinizi nəzərə alaraq onu ikinci oxunuşa daha mükəmməl şəkildə çıxara bilək. Elə olsun ki, bu qanun respublikamızda atçılıq sahəsində, həqiqətən, önəmli bir qanun olsun. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Saat 4-ə qədər fasilə. Saat 4-də müzakirələri davam etdirəcəyik.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli deputatlar, müzakirələri davam etdiririk. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli dəvət olunanlar, xanımlar və cənablar! Bizim yaşadığımız indiki mərhələdə bütün sahələrdə olduğu kimi, qanunvericilikdə də bir neçə istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Mövcud qanunların təkmilləşdirilməsi, yeni qanunların qəbul edilməsi, qanunlar arasında ziddiyyətin, boşluğun aradan qaldırılması, eyni zamanda qanunların qəbul etdiyimiz beynəlxalq normalara uyğunlaşdırılması və sair. Bu nöqteyi-nəzərdən bir sıra sahələrdə, o cümlədən sözü gedən sahədə qanun boşluğunun aradan qaldırılması nöqteyi-nəzərindən bu qanun mühüm əhəmiyyət kəsb edir.
Eldar İbrahimov qanunu geniş şəkildə təqdim etdi və eyni zamanda, Aqrar siyasət daimi komissiyasının qanunla bağlı bir sıra iradlarını və təkliflərini bildirdi. Qabaqcadan deyirəm ki, bu qanunu mühüm qanun hesab edirəm və qəbul edilməsini vacib hesab edirəm. Amma nə qədər təkliflər olsa, hesab edirəm ki, bir o qədər bu qanunun təkmilləşdirilməsinə və ikinci oxunuşa daha mükəmməl surətdə təqdim olunmasına kömək edər. Ona görə də Eldar müəllimin dedikləri ilə yanaşı, bir sıra yeni təklifləri də irəli sürməyi məqbul hesab edirəm.
Birinci, preambula hissəsində göstərilir ki, bu qanun Azərbaycan Respublikasında atçılığın inkişaf etdirilməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir. Sonra isə atçılığın təhlili verilir və deyilir ki, atçılıq heyvandarlığın bir sahəsi olmaqla peşəkar və həvəskar idman yarışlarında, əyləncə və istirahətin təşkilində, kənd təsərrüfatı işlərində, müalicə-sağlamlıq məqsədi ilə, eləcə də orduda, ictimai asayişin mühafizəsində və sair sahələrdə atlardan istifadəni əhatə edir. Yəqin ki, eyni zamanda, atdan nəqliyyat kimi istifadə də daxil olmaqla dövlətlə təsərrüfatlar arasında və təsərrüfatların öz aralarında münasibətlər də qanunun tərkibində öz əksini tapmalı idi. Amma çox təəssüflər olsun ki, burada həmin münasibətlərə epizodik surətdə, ümumi, səthi şəkildə toxunulub. Halbuki söhbət iqtisadi və hüquqi əsaslardan gedirsə, məhz dövlətlə təsərrüfatlar arasında və təsərrüfatların öz aralarında, bir də ki cins atların xaricə satılması ilə əlaqədar həmin münasibətlərin tənzimlənməsi məsələsi bu qanunda öz əksini tapmalıdır.
Bu qanun layihəsi ilə bağlı bəzi məsələləri də nəzərə çatdırmaq istərdim. Burada dəfələrlə deyilib, qanunlarımızın bir modelini formalaşdırmalıyıq və orada xüsusən dövlət siyasəti məsələsi, trafaretlər müəyyənləşdirilməlidir. Dövlətin üzərinə nə düşür? “Dövlət siyasətinin istiqamətləri” adlı 5-ci maddədən belə çıxır ki, atçılıq sahəsində xarici və yerli investisiyaların cəlb edilməsi. Hesab edirəm ki, dövlət atçılığın inkişafına normal şərait yaradılması, onun inkişafının stimullaşdırılması istiqamətində fəaliyyət göstərə bilər. İnvestisiyaların cəlb edilməsi və sair məsələlər isə təsərrüfatların öz öhdəsində olan məsələlərdir. Yəni dövlətin bu dərəcədə yüklənməsi və artıq məqamların bura daxil edilməsi düzgün deyil.
Qeyd eləmək istədiyim ikinci məsələ 7-ci maddə, yəni atçılıqda pasportlaşma məsələsi ilə bağlıdır. Düzü, bir az yarıgerçək, yarızarafat baxanda mən diqqət elədim, görəsən, bu pasportlaşmada pul alacaqlar, ya yox, çünki o biri pasportlaşmaların qiymətlərini çox yüksəltmişdilər. Amma bu ucuz pasportlar bəzən cins olmayan atlara da verilməklə kifayət qədər qarışıqlığa gətirib çıxara bilər. Ona görə də burada ciddi bir mexanizmin qurulmasına böyük ehtiyac var. Bu qanunun ən vacib funksiyalarından biri yerli, ənənəvi cinsləri bərpa eləmək, atçılıq ənənəsini bərpa eləmək, beynəlxalq aləmdə bu proseslərdə Azərbaycanın özünə layiq yerini tutmaqdırsa, bu məsələyə hesab edirəm ki, çox ciddi diqqət eləməyə ehtiyac var.
Sədrlik edən. Əli müəllim, mən üzr istəyirəm, maddə-maddə biz ikinci oxunuşda müzakirə edəcəyik. Mümkünsə, qanunun konsepsiyası ilə bağlı.
Ə. Məsimli. Mənim dediklərimin hamısı konseptualdır. 10-cu maddədə atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi məsələsi işıqlandırılır. Burada belə bir bənd var: “Atçılıqla məşğul olan subyektlərə məcburi olan göstərişlərin verilməsi”. O göstərişləri kim verəcək, niyə verəcək, göstərişlər yerinə yetirilmədikdə nə olacaq? Ümumiyyətlə, mən hesab edirəm ki, bu məsələlər orada artıqlıq təşkil edir, bu ifadələr oradan çıxarılmalıdır.
Sonra, yekun müddəalarda atçılığın inkişafının maliyyə təminatı hissəsində dövlətlə bağlı təşkilati tədbirlər yenə də konseptual xarakter daşıyan məsələdir ki, bu da dövlətin üzərinə düşməməlidir.
23-cü maddə Azərbaycan Respublikasının ərazisində atçılıq məhsullarının satılması məsələlərini tənzimləyir. Açığını deyim ki, mənim çıxış eləməyimin ən ciddi səbəblərindən biri məhz bundan ibarətdir. Elə millətlər, xalqlar var ki, at ətindən də istifadə edirlər. Amma Azərbaycanda at yalnız müəyyən istiqamətlərdə istifadə olunur. 23.1-də atlardan əldə olunan ət, süd, dəri və sair kimi məhsulların satışından söhbət gedir. Kim zəmanət verə bilər ki, at əti əvəzinə eşşək əti satılmayacaq? Elə bir zəmanət varmı? Bu məsələ həddindən artıq ciddi xarakter daşıyır. Ona görə də bu çox ciddi formada konkretləşdirilməlidir. Ola bilər, hansı xalqlarsa at əti də yeyir, amma bizdə bunu artıq dediyim kimi, eşşək ətinin satılmasının leqallaşdırılması formasına gətirib çıxarmaq olmaz. Bu ciddi nəticələrə gətirib çıxara bilər.
Böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də atçılığın inkişafında dövlətin roludur. Onsuz da dövlətin qayğıları həddindən artıq çoxdur. Bu qayğıları başqa formada qoymaq lazımdır. Məhz dövlət atçılığın inkişafında sponsorluq mexanizminin inkişaf etdirilməsi, sponsorların tapılması, atçılığın inkişafına sponsor vəsaitlərinin cəlb edilməsinin stimullaşdırılması nöqteyi-nəzərindən mühüm rol oynamalıdır.
Nəhayət, hamını narahat edən bir problem də sovet dövründən baxımsız, sahibsiz qalmış atlar problemidir. Düzü, əvvəllər mənim bu barədə informasiyam var idi. Son dövrlərdə informasiyam yoxdur ki, o məsələ necə oldu. Bunların hamısı bu qanunda nəzərə alınası mühüm məsələlərdir.
Hesab edirəm ki, Eldar müəllimin qaldırdığı məsələləri, eyni zamanda, bundan sonra deyilən məqamları nəzərə almaqla ikinci oxunuşa daha mükəmməl bir qanun çıxarmaq olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri və əgər varsa, mətbuat nümayəndələri! Mən də hesab edirəm ki, bu, Azərbaycanın kənd təsərrüfatı üçün, Azərbaycanın mədəniyyəti üçün vacib olan qanunlardan biridir. Azərbaycanda atçılığın inkişafının hüquqi bazasının yaradılmasına xidmət edən belə bir qanunun qəbul edilməsinə heç şübhəsiz ki, ehtiyac vardır.
Amma bununla bərabər, mən də qanunu təqdim edən Eldar müəllimin dediyi tənqidi fikirlərlə razıyam. Burada xeyli dərəcədə dolaşıq, xüsusilə də işin təşkili ilə bağlı mücərrəd maddələr var və bu mücərrəd maddələr konkret müddəalarla möhkəmləndirilməlidir. Bu halda qanunun tətbiqi atçılığın inkişafına daha artıq fayda gətirmiş olar. Burada müəyyən uğursuz terminlər də var. Əlbəttə, ölkəmiz müstəqillik qazandıqdan sonra “milli” termini daha çox işlədilir. Ancaq mənə elə gəlir ki, atçılıq ilə bu terminin yanaşı işlədilməsi uğurlu hal deyil. “Milli atlar” ifadəsi yəqin ki, qanunda “yerli atlar” ifadəsi ilə əvəz edilə bilər. Çünki hələ millət yaranmamışdan qabaq da bu at cinsləri var idi və onlara “milli” deyilmirdi. Ona görə də “milli” sözünün bu qanunun bir sıra maddələrində təkrarlanması, hesab edirəm ki, uğursuz haldır.
Yerli at cinslərinin bir hissəsi, mən sizə deyim ki, 1950-ci illərin ikinci yarısında Nikita Sergeyeviç Xruşov atlara və ulaqlara çox böyük həcmdə vergi qoydurduqdan sonra məhv oldu. Bu vergidən məqsəd o idi ki, kənd təsərrüfatında atdan və ulaqdan gəlir götürmək məqsədi ilə istifadə edilməsin. 1960-cı illərdə Azərbaycanda at cinslərinin sayının azalmasında və ümumiyyətlə, atçılığın və atçılıq təsərrüfatlarının dağılmasında bu tədbirin müstəsna rolu oldu. İndi şübhəsiz ki, Azərbaycanda yerli at cinslərini və ümumiyyətlə, atçılığı bərpa eləmək lazımdır.
Amma mənim prosedurla bağlı bir qeydim var və ümid eləyirəm ki, siz məni düzgün başa düşəcəksiniz. Prezidentin qanunvericilik təşəbbüsü ilə çıxış eləmək hüququ var. Ancaq mənə belə gəlir ki, Prezident bu hüquqdan müstəsna hallarda istifadə eləməli və yalnız millətin maraqları və mənafeyi ilə bağlı olan çox ciddi məsələlərdə Parlamentə qanunlar göndərməlidir. Hesab edirəm ki, bu qanunu Prezidentin adı ilə göndərməyə heç bir ehtiyac yox idi. Bu qanunu Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komissiyası və Kənd Təsərrüfatı Nazirliyi birlikdə hazırlaya bilərdilər. Məncə, bu praktika elə də yaxşı praktika deyil. Bütün nazirliklər, idarələr, birliklər özləri üçün qanun hazırlayır və o qanunu Milli Məclisin Aparatından keçirib, Prezidentin imzası ilə Parlamentə göndərirlər. Azərbaycan Parlamenti qanunverici orqandır. Mən hesab edirəm ki, Prezidentin göndərdiyi bir çox qanunlar əslində Parlament tərəfindən hazırlanmalı idi. Mövcud praktika Prezidentin qanunvericilik təşəbbüsünün devalvasiyasına gətirib çıxardır. Hər qanun Prezidentin imzası ilə gəlməməlidir. Əgər biz son bir həftə ərzində müzakirə elədiyimiz qanunlara və onlara edilən əlavələrə diqqət yetirsək, görərik ki, bunun 90 faizi Prezidentin imzası ilə gəlibdir. Mən hesab edirəm ki, bu uğurlu praktika deyil. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Cəmil müəllim, mən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bizim Konstitusiyamızın 96-cı maddəsinə görə, Prezidentin hər bir məsələ üzrə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Yəni biz onun bu hüququnu məhdudlaşdırıb deyə bilmərik ki, cənab Prezident qanunvericilik təşəbbüsündən istifadə edib filan məsələlər üzrə qanun layihəsi göndərə bilər, filan məsələlər üzrə yox. Əgər Siz son həftəni nəzərdə tutursunuzsa, mən hesab edirəm ki, bu təbiidir. Çünki qəbul etdiyimiz qanunlar bilavasitə icra strukturları ilə bağlıdır. Cənab Prezident ali icra strukturunun rəhbəri kimi bilir ki, harada hansı dəyişikliklərin edilməsi vacibdir. Ona görə də burada heç bir məhdudiyyətdən söhbət getməməlidir. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Komissiyamızın sədri Eldar müəllim Atçılıq haqqında qanun layihəsinin mahiyyəti, Azərbaycanda atçılığın tarixi, atçılıq zavodlarının mövcud vəziyyəti, milli cinslərin problemləri və digər məsələlər barədə ətraflı məlumat verdi. Mən də bu layihənin birinci oxunuşda qəbul olunmasının tərəfdarıyam və həmkarlarımı ona səs verməyə dəvət edirəm.
Bununla bərabər, mən dünya iqtisadiyyatında atçılıq biznesinin yeri, oynadığı rol, atçılığın nə qədər gəlirli sahə olması barədə konkret misallarla bəzi ölkələrin məlumatını diqqətinizə çatdırmaq istərdim. Böyük Britaniyada atçılığın illik dövriyyəsi 2,5 milyard funt-sterlinq təşkil edir. Kənd təsərrüfatında işləyənlərin hər səkkizdən biri atçılıqla məşğul olur.
Fransada 250 cıdır meydanı fəaliyyət göstərir. Atçılığın illik dövriyyəsi ölkənin avtomobil sənayesinin illik dövriyyəsinə bərabərdir. Atçılıqla məşğul olanların sayı 500 min nəfərdir ki, bu da əhalinin təxminən 1 faizi deməkdir. Cıdır meydanları hər il dövlət büdcəsinə 1 milyard avro həcmində vergi ödəyir.
Avstraliyada atçılıq biznesinin illik dövriyyəsi 7,7 milyard dollar təşkil edir. Burada 80 mindən çox insan çalışır ki, bu da 80 min insanın işlə təmin olunması deməkdir. Ölkədə 11 min at zavodu olan sahibkar, 454 atçılıq klubu, 133 min at yetişdirən sahibkar mövcuddur.
ABŞ-da atçılıq biznesinin illik dövriyyəsi 35 milyard dollar təşkil edir. Burada hər il 30 böyük atçılıq auksionu keçirilir. Hər il keçirilən Derbid cıdır yarışlarında uduş fondu 18 milyon dollar təşkil edir və bu yarışa 150 mindən çox insan tamaşa edir.
Birləşmiş Ərəb Əmirliklərində təmiz qanlı ingilis atlarını yetişdirən dünyada ən böyük atçılıq zavodu fəaliyyət göstərir. Burada hər birinin qiyməti milyon dollardan artıq olan yüzdən yuxarı damazlıq at vardır. 1989-cu ildə burada keçirilən auksionlarda Annihillato ləqəbli damazlıq at 19,2 milyon dollara, Şeleqan 18 milyon dollara, Şerotonvöd 28 milyon dollara, Şerekdansız isə 40 milyon dollara satılmışdır. Dubay şeyxi Məhəmməd bin-Rəşidəlməqsud London auksionunda bir yaşı olan at balasını 5,5 milyon dollara almışdır.
Atçılıq biznesində ən çox gəlir totalizatorlardan əldə edilir. Totalizator cıdırda iştirak edən atların hansınınsa qalib gələcəyini nəzərdə tutan lotereyadır, uduş biletlərinin satışıdır. Cıdır meydanlarında totalizator oyunlarının illik dövriyyəsi Fransada 7,5 milyard avro, İngiltərədə 6 milyard funt-sterlinq, İtaliyada 2,5 milyard avro, ABŞ-da 10 milyard dollar təşkil edir. Totalizatordan əldə edilən gəlirin 10-12 faizi vergi qismində dövlət büdcəsinə, 12-15 faizi isə atçılığın inkişafına yönəldilir.
Atçılıq həmçinin xarici və daxili investisiyanın cəlb edilməsi üçün əlverişli sahədir. Son illərdə atçılıqla məşğul olan postsovet ölkələrinin atçılıq biznesinə yönəldilən investisiyasının həcmi get-gedə artır. Rusiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan belə ölkələrdəndir. Azərbaycanda atçılığa daxili investisiyalar cəlb olunur ki, bunların da həcmi milyon dollarla hesablanır.
Bir məsələni də demək istəyərdim. Bunu Eldar müəllim çıxışında qeyd elədi. 1956-cı ildə Nikita Xruşşov tərəfindən İngiltərə kraliçası ikinci Yelizavetaya bağışlanmış Qarabağ atlarının nəsli bu gün də durur. O, yetişdirilən və kraliçanın ən əziz qonaqlarına göstərilən ən sevimli at cinslərindən biridir.
Mən də hesab edirəm ki, Atçılıq haqqında qanun layihəsi birinci oxunuşdan keçəndən sonra yenidən işlənməli, layihəyə atçılıq biznesinin təşkili, cıdır meydanlarının fəaliyyəti, atçılığa investisiyanın qoyulması, atçılıq idmanı və cıdır meydanlarının fəaliyyəti, cıdır yarışlarına xarici ölkələrin idmançılarının, məşqçilərinin, atlarının cəlb edilməsi, yarışlarda totalizator oyunlarının keçirilməsi və sair maddələr əlavə olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Eldar müəllim, doğrudan da, çox maraqlı məlumatlar verdiniz. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən də hesab edirəm ki, bu unikal sahənin inkişafını təmin eləmək üçün belə bir qanuna ciddi ehtiyac var. Bilirsiniz, biz nədənsə çox şeyləri yarımçıq qoyuruq. Məsələn, millətimizin keçmişi, bütün qəhrəmanlarımız, onların atları və sair barədə danışırıq, bu barədə miflərdən başlamış dastanlara qədər çox şeylər yazılır. Yəni bu bizə doğma olan bir sahədir. Bu xalq həmişə at belində olub. Amma bunu da qoruyub saxlaya bilməmişik. Heç olmasa, nədəsə birinci olmağı bacaraq. Deyək ki, Azərbaycanda Qarabağ atları var, Dilboz atları var, bunların gözəl cinslərini yetişdirmək imkanı var. Deyək ki, heç olmasa, at yarışlarında, ya atların inkişafında, yetişdirilməsində, bəli, bir yerə çıxa bilərik. Demək istəyirəm ki, bizə aid olan, bizim xalqın xarakterinə, təbiətinə, tarixinə yaxın olan elə sahə var ki, biz orada önə çıxa bilərik. Deməli, o sahələrə xüsusi diqqət yetirmək lazımdır. Mən hesab edirəm ki, belə bir qanun, doğrudan da, zəruridir. Tarixən Azərbaycanda lap Midiya dövründən bəri son dərəcə gözəl atlar olub və tarixdə də bunlarla bağlı çox gözəl faktlar qalıb. Mən indi onları Milli Məclisdə sadalamaq istəmirəm.
Amma biz yalnız qanun qəbul eləmək xətrinə qanun qəbul eləməli deyilik. Bu qanunu Eldar müəllim özü təqdim elədi, özü də qanunun çatışmayan cəhətlərini dedi, kifayət qədər geniş izah elədi ki, bu qanunda filan məsələlər çatmır. İndiki halda bu qanun yalnız atçılığın əhəmiyyəti və şərhindən başqa bir şey deyil. Bu qanunda atçılığın inkişafına təminat yarada bilən və yaxud bunun üçün bir baza rolunu oynaya bilən heç nə yoxdur. Sadəcə, atçılıq sahəsinə aid anlayışların şərhi verilir, sonra pasportlaşma və sair məsələlər şərh olunur. Konkret olaraq bu işin inkişafı üçün dövlət hansı qayğını göstərəcək, nə olacaq, o yoxdur. Belə olan halda bu qanuna nə ehtiyac qalır?
Atçılığın nə demək olduğunu hamımız gözəl bilirik. Amma əgər qanun onun inkişafına bir təməl hazırlamayacaqsa, mənə elə gəlir ki, bu qanuna ehtiyac qalmır. Ona görə mən də Cəmil müəllimin o fikrinə şərik çıxıram ki, Prezidentin adından gələn qanunlar kifayət qədər yetkin qanunlar olmalıdır. Yəni onlar elə qanunlar olmalıdır ki, orada bu cür tənqidlər meydana çıxmasın, onun kəmkəsiri haqqında bu qədər geniş danışmaq imkanı olmasın. Amma biz deyək ki, hansısa mütəxəssisin ala-yarımçıq hazırlayıb, o sahənin inkişafının bizim istədiyimiz səviyyədə hüquqi təminatını yaratmayan sənədləri gətiririk bura, ondan sonra da deyirik ki, komissiya bunu təzədən işləsin. Komissiya elə əvvəldən zəhmət çəkib işləsin və qanunu bura mükəmməl şəkildə çıxarsın. Mən belə hesab edirəm. Bizim hamıya hörmətimiz var, amma bu unikal sahənin, doğrudan da, inkişafını istəyiriksə, onda gərək o inkişafa təminat yaradan hər şey bu qanunda öz əksini tapsın. Əgər bu deyilənlər nəzərə alınacaqsa, birinci oxunuş, ikinci oxunuş, səsvermə asandır. Amma mən istəyirəm ki, bu qeydlər, doğrudan da, qanunda əksini tapsın.
Bir də, Eldar müəllim, burada bəzi uğursuz ifadələr də var. Məsələn, atın təkmilləşməsi deyilməz. Bu söz dəqiq tapılmalıdır. Sonra, atların tərtib edilməsi. Tərtib ayrı şeydir. Burada söhbət pasportun verilməsindən gedir. Bu qanunun dilindən də görünür ki, onu yazanlar kənd təsərrüfatını və ya o sahəni kifayət qədər yaxşı bilmirlər. Bununla bağlı dil sarıdan da müəyyən dəqiqləşdirmələr aparılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Adil Əliyev.
A. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Atçılıq haqqında qanun Azərbaycan dövləti və xalqı üçün böyük məna kəsb edir. Tarixi mənbələr dəqiqliklə sübut edir ki, bəşəriyyət tarixində ilk dəfə atı əhliləşdirib minik vasitəsi kimi orduda və təsərrüfatda istifadə edən məhz türk xalqı olmuşdur. Atçılıq həm də tarixi-mədəni baxımdan Azərbaycana şöhrət gətirən sahədir. Misilsiz at cinsləri olan Azərbaycan atçılıq idmanı da həmişə öncüllərdən olmuşdur. Təəssüf ki, müstəqilliyimizin ilk illərində iqtisadi tənəzzül bu sahəyə də təsir etmişdir. Atçılıq sovxozlarının yerləşdiyi ərazilərdə döyüş əməliyyatlarının getməsi, Ağdamın işğalı və sair bu sahənin tamamilə tənəzzülünə gətirib çıxarıb. Atçılığın inkişafı üçün ilk növbədə hüquqi baza yaradılmalı, mükəmməl iqtisadi və təşkilati mexanizmlər müəyyən olunmalıdır. Bu baxımdan qanun layihəsini əhəmiyyətli hesab edirəm və dəstəkləyirəm.
Layihə barədə aşağıdakı irad və təkliflərimi hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm. 1.1.1-ci maddədə “Atların istifadəsini əhatə edir” sözlərinin əvəzinə “atlardan istifadə” sözləri yazılsa, üslubi baxımdan daha düzgün olar. 1.1.2-ci maddədə “Atçılıqla məşğul olan subyektlər” termini “atçılığın subyektləri” termini kimi işlədilməlidir. Çünki atçılıq həm də məşğuliyyət növüdür, ona görə də “məşğul olan” sözləri dil və məntiqi baxımdan artıqdır.
Layihənin preambula hissəsində “müəyyən edir” sözlərindən sonra “və bu sahədə yaranan münasibətləri tənzimləyir” sözləri əlavə edilməlidir. Bu fikir 3-cü maddədə vurğulanır, lakin preambulanın funksiyası baxımından həmin sözlərin əlavə edilməsi vacibdir.
4.1.4-cü maddədə “dövlət tərəfindən” sözləri artıqdır. Maddənin giriş hissəsində “dövlətin vəzifələri aşağıdakılardır” sözləri yazılıbsa, dilin qrammatik xüsusiyyəti nəzərə alınmaqla 4.1.4-cü maddədə, sadəcə, atçılığın inkişafının stimullaşdırılması kifayət edərdi.
8.6-cı maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və həyata keçirilir” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir” sözləri ilə əvəz edilsə, bu müddəa hüquqi baxımdan daha dəqiq ifadə edilmiş olar.
10.1-ci maddədə “və atçılığa dair təlimatların” sözləri çıxarılmalıdır. Həmin təlimatlar da atçılıq sahəsində qanunvericiliyin tərkib hissəsidir. 10.3-cü maddə də redaktə olunaraq, mövcud fikir saxlanılmaq şərtilə cümlənin quruluşu dəyişdirilməlidir. Çünki müvafiq icra hakimiyyəti orqanının konkret göstərişlər və səlahiyyətlər verməsi bu qanunun predmeti ola bilməz.
III fəslin yuxarıda qeyd olunan səbəbdən ”Atçılığın subyektləri” adlandırılması, daha məqsədəuyğundur. 13.2-ci maddədəki fikir...
Sədrlik edən. Adil müəllim, mən çox üzr istəyirəm, məcburam sözünüzü kəsəm. Mən axı bayaq dedim, biz bunu ikinci oxunuşda fəsil-fəsil, maddə-maddə müzakirə edəcəyik. Qanunun konsepsiyası ilə bağlı ümumi qeydlərinizi, prinsiplər, istiqamətlər barədə fikirlərinizi bildirin, xahiş edirəm.
A. Əliyev. Ümumilikdə qanun layihəsi mükəmməldir və bu qanunun qəbul olunması lazımdır. Ona görə mən bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinin tərəfdarıyam. Təkliflərimi komissiyanın sədrinə təqdim edəcəyəm, yəqin ki, nəzərə alınar.
Sədrlik edən. Çox sağ olun. Miri Qənbərov.
M. Qənbərov. Minnətdaram. Hörmətli deputat həmkarlarım! Biz komissiyada bu qanun layihəsini müzakirə edərkən bütün komissiya üzvləri ilə bərabər, qonaqlarımız da iştirak etmişlər. Onların arasında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, bu işlə geniş məşğul olan təşkilatların rəhbərləri, elmlər doktorları, professorlar da olub. Komissiyanın iclasında iştirak edənlərin bəzi qeydləri, iradları olmuşdu, onların hamısı nəzərə alındı, təqdim elədiyimiz layihədə öz əksini tapdı. Atçılıq haqqında deyiləsi müsbət fikirlər çoxdur və tənqid üçün də həmişə nə isə axtarıb tapmaq olar. Həmişə axtarırıq ki, qanun layihəsində bir nöqsan tapaq. Amma mən insafən demək istəyirəm ki, bu qanun layihəsi üzərində Eldar müəllim çox işlədi, – komissiya üzvlərinin azdan-çoxdan xəbəri var, – həm ayrı-ayrı mütəxəssislərlə, həm də Prezident Aparatından olan əlaqədar yoldaşlarla məsləhətləşmələr apardı.
Çoxdan bir kitab oxumuşdum, səhv eləmirəmsə, “Səmərqəndin ulduzları” adlanırdı. Bu kitabda Teymurləngin ata, ələlxüsus Qarabağ cinsli atlara yüksək qiymət verdiyi göstərilir. Onun ilxısında Qarabağ cinsindən bir neçə at olub. O, Qarabağa, Şuşaya, Ağdama, başqa yerlərə adamlar göndərib, həmin cins atları Səmərqəndə gətirdib, onlardan geniş istifadə eləyib.
Məncə, bu qanun bizə lazımdır və onu təsdiq eləmək vacibdir. Birinci oxunuşda deyilən iradları mən də komissiya üzvü kimi qəbul edirəm. Yəqin ki, onlara komissiyada baxılacaqdır. Mən deputat həmkarlarımı buna səs verməyə dəvət edirəm. Bu çox vacib məsələlərdən biridir. Hələ Azərbaycan buna çox gecikib. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu çox vacib, çox əhəmiyyətli bir qanundur. Hər bir Azərbaycan vətəndaşı atlar haqqında söhbət düşəndə, onların şücaətindən, etibarından danışılanda nə isə təsirlənir. Bu gün mən Eldar müəllimin məruzəsinə çox diqqətlə qulaq asdım. Əvvəla, bu qanun mükəmməl şəkildə işlənib və Eldar müəllim də bunu çox gözəl, aydın şəkildə təqdim etdi, Azərbaycan xalqının tarixində atların rolu haqqında çox müfəssəl məlumat verdi.
Mən bu qanun layihəsi ilə bağlı bir neçə məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Bu qanun Azərbaycan Respublikasında atçılığın inkişaf etdirilməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir. Burada 1-ci maddənin birinci hissəsində atçılıq heyvandarlığın bir sahəsi kimi qiymətləndirilir. Halbuki atçılıq heyvandarlığın bir sahəsi deyil. Heyvandarlıqda iribuynuzlu və xırdabuynuzlu heyvanlar var. At bu heyvanların heç birinə aid deyil. Biz ona o cür heyvan kimi baxmırıq, ətini yemirik, südünü içmirik.
Sədrlik edən. Bundan sonra yeyəcəyik də, içəcəyik də.
N. Xudiyev. Bu qanunda atçılığın inkişaf etdirilməsi sahəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məsələsi də öz əksini tapıb. Bizdə hər şey var, ancaq atçılıq sahəsində sahibkarlığın inkişaf etdirilməsindən söhbət gedə bilmir. Qanun qəbul ediləndən sonra, yəqin ki, bu məsələ də öz həllini tapacaq.
Təxminən iki il bundan əvvəl bizim televiziyada belə bir veriliş getdi ki, cənub bölgəsində – Neftçala tərəfdə 2000-dən artıq sahibsiz at bir adada sərbəst şəkildə yaşayır. Bunları heç kim saxlamırdı, sahibsiz, vəhşi atlar idi. Burada da çıxışlarda dedilər ki, təxminən 1950-ci illərin axırı, 1960-cı illərin əvvəllərində ki, atlara, ulaqlara vergi qoyuldu, camaat verginin dərdindən məcbur oldu, bu heyvanları öz qapılarından uşaqlaşdırdı. Bu hadisə əlli il bundan qabaq olub. İndi burada iştirak edən kənd təsərrüfatı mütəxəssisləri, güman ki, o adada yaşayan vəhşiləşmiş atlar barədə müəyyən məlumata malikdirlər. Mən bilmirəm, o atların taleyi necə oldu, onlar haqqında nə kimi ölçü götürüldü.
Burada bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Yeni doğulmuş dayçanın valideynlərindən birinin pasportu, yəni şəhadətnaməsi olmadıqda, belə dayçanın dövlət damazlıq kitabında qeydiyyata alınmasına yol verilmir. Həmin dayça yaxşılaşdırılmış at cinsi qrupuna daxil edilsə də, atası, anası, erkəyi, dişisi dəqiq müəyyənləşdirilməyəndə ona pasport verilmir.
Mən türkdilli respublikaların əksəriyyətində olmuşam. Hər birinizə məlumdur ki, o dövlətlərdə atın ətindən, südündən, tükündən, dərisindən istifadə olunur. Məsələn, Qazaxıstanda, Qırğızıstanda at əti delikates kimi qiymətləndirilir, hətta restoranlarda nadir tapılır. Bu qanun layihəsinin 23.1-ci maddəsində yazılıb: “atların sahibləri olan fiziki və hüquqi şəxslər razılaşdırılmış qiymətlər əsasında atların və onlardan əldə olunan məhsulların (ət, süd, dəri, tük) satışını həyata keçirə bilərlər.” Bizdə kim aparıb atın ətini satsa, onu daş-qalaq eləyərlər. Dövlət tərəfindən bu məsələ hələlik tənzimlənməyib. Atçılıqla məşğul olan sahibkarlar at ətini harasa satışa verərlər, bəzi fırıldaqçılar bundan istifadə edib camaata ulaq əti satarlar. Ona görə bu məsələ rəsmi şəkildə müəyyənləşdirilməli, qanunda öz əksini tapmalıdır. Məncə, bu məhsullar dövlət mağazalarında satılmalıdır.
Sonra, Eldar müəllim, bizdə kənd təsərrüfatında elə atlardan istifadə olunur ki, o, nəinki ata, heç eşşəyə də oxşamır. Bizim təsəvvürümüzdə at həmişə mərdlik, alicənablıq, comərdlik rəmzi olub. Ona görə bu qanundan istifadə edərək bizim atların inkişafını, ölkəmizdə cins atların yetişdirilməsini qaydaya salmaq lazımdır. Şahmat dünya miqyasında tanınmış bir oyundur, oradakı fiqurlardan biri də atdır.
Bu qanunun qəbul edilməsi çox əhəmiyyətlidir. Mən belə başa düşürəm ki, ikinci oxunuşda da biz bəzi təkliflərimizi verəcəyik. Eldar müəllim də sağ olsun ki, komissiya üzvləri ilə birlikdə bu qanun layihəsi üzərində işləyib və Milli Məclisin müzakirəsinə mükəmməl bir sənəd təqdim edib.
Sədrlik edən. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun, Ziyafət müəllim. Mən də belə düşünürəm ki, bu qanunun strukturu kifayət qədər normal bir strukturdur. Yəni ümumi müddəalardan sonra dövlətin bu sahəyə nəzarət məsələləri, subyektiv amilin iştirakı və bir də atçılıq təsərrüfatları barədə hüquqi təsəvvürlərin yaradılması və möhkəmləndirilməsi. Əgər bu qanun Qırğızıstanda, Qazaxıstanda qəbul olunsaydı, təbii ki, ayrı bir emosiya ilə, ayrı bir xarakterdə ortaya çıxardı. Amma Azərbaycanda bu qanun qəbul olunursa, bu daha çox atçılıqda Avropa düşüncəsinin məhsulu kimi verilməlidir və elə də verilib. Biz həmişə qazaxlarla, qırğızlarla türkoloji yığıncaqlarda, etnoqrofik tədbirlərdə zarafat edirik ki, siz atlarınızı kəsib yediniz, amma biz yemədik, bir az da qərbə doğru gəldik. Ümumiyyətlə, türk düşüncəsində atı tarix yapan heyvan hesab edirlər. Yəni tarixdə bütün müharibələrdə insanlar qədər də atlar iştirak edib, insanlar qədər də atlar qırılıb. Bu mənada elə bil ki, bəşəriyyət o atların qarşısında yoldaş kimi borcludur. Bu, işin bir etnoqrafik-mənəvi tərəfidir.
Bu gün biz hamımız bilirik, Avropada təbiətin, o cümlədən də heyvanların qorunması bizim müzakirə elədiyimiz şəkildə müzakirə olunmur, çox ciddi müzakirə olunur. Məsələn, Avropanın xüsusilə şimal ölkələrində bir insanın qətlə yetirilməsi ciddi müzakirə olunur. Düşünürlər, görəsən, bu niyə qətlə yetirilib? Cani barədə də müxtəlif mülahizələr ortaya çıxır. Amma deyək ki, bir heyvan öldürülürsə, xüsusən quşlar öldürülürsə, bunlar üçün daha mübahisə açılmır. Çünki quş sənə neyləyə bilərdi ki, onu öldürəsən. Müdafiə olunmamısan ki?
Atlarla bağlı belə bir qanunun qəbul olunması, mən elə bilirəm ki, haradasa bizim təbiət təsəvvürlərimizi oyatmalı, bizim etnoqrafiyamıza baxış olmalıdır. Amma bu sahədə bizim vəziyyətimiz, demək olar ki, yaxşı deyil. Niyə? Məsələn, deyək ki, heyvandarlığın, – atçılıq da, onun tərkib hissəsidir, – ən mürəkkəb sahələri Azərbaycanda əhali tərəfindən qorunur. Camaatın mal-qarası var, qoyun sürüləri var. Get-gedə arta da bilər. Amma kimin at ilxısı ola bilər ki? Ona görə bu sahəyə hələlik dövlətçilik səviyyəsində nəzarət lazımdır. Yəni atlar ayrı-ayrı kollektiv təsərrüfatlarda qoruna bilər. Eyni zamanda, nəzərə alın ki, bu gün bizim idmançılarımız, mütəxəssislərimiz çox zaman ciddi yarışlarda lazımi atla təmin olunmadıqlarına görə qalib gələ bilmirlər. Adi bir idmançının müvəffəqiyyət qazanmasından ötrü lazım olan yaxşı atların qiyməti yüz min dollarlarla ölçülür. Bunlar hazırlanmalıdır. Azərbaycanın coğrafiyası elədir ki, onun təsərrüfat həyatında bu gün də atlardan istifadə olunur və bundan sonra da hələ çox istifadə olunacaq. Dağlıq ərazilər var. Deyək ki, məsələn, yükdaşımalar var, insanların gedib-gəlməyi var. Mən hələ buna ancaq bir təsərrüfat səviyyəsində ehtiyacı nəzərdə tuturam.
Amma indi müasir texnologiyaları da biz görürük. Məsələn, Paris kimi gözəl bir Avropa şəhərinin küçələrində gözəl atlarda yol hərəkətini tənzimləyir və yaxud hansısa nəzarət işləri görürlər. İnanın ki, o atlar orada maşınlardan gözəl görünür. Adam o gözəl maşınları qoyub onlara baxır. At gözəldir axı, at mədəniyyətdir.
Təsəvvür eləyin, at həm də güc daşıyıcısıdır. Biz hələ də ən müasir texnikanı at gücü ilə hesablayırıq. At həm güc daşıyıcısıdır, normativ etalondur, həm də bununla yanaşı, zərifdir.
Bayaq Rəbiyyət xanım dedi, yadıma saldı. Bizim ata münasibətimizin belə şəkildə zəifləməsi axırda ona gətirib çıxardır ki, biz daim at belində olmuş Şah İsmayıl Xətaiyə oturduğu yerdə heykəl qoyuruq. Axırda gürcülər gətirib bizə at bağışlayırlar heykəl şəklində. Amma bizim Qaçaq Nəbinin də heykəli, deyəsən, at üstündə deyil, elə o da ayaq üstədir. Koroğluya bir heykəl qoyublar, nə atı ata oxşayır, nə Koroğlu Koroğluya oxşayır. O at mədəniyyəti ki deyirlər, bu barədə cildlərlə kitab yazılıb. Biz bu mədəniyyəti, o etnoqrafiyanı qoruyub saxlamalıyıq. Qoruyub saxlamayanda müəyyən məsələlərdə beynimizdə, həqiqətən, formullar dəyişir.
Bu qanun konseptual səviyyədə çox yaxşıdır. Amma bəzi anlayışlar var ki, bunlar o konseptuallığa təsir eləyən anlayışlardır. Xüsusən, – deyildi burada, – milli atın yerli ata qarşı qoyulması. Bir izahatda yerli at heç bir cinsi xüsusiyyət daşımayan atlar kimi verilir. Doğrudur, Azərbaycanda, dünyanın hər yerində o cür atlar var. O atlar təsərrüfat atlarıdır, iş atlarıdır. Bunlardan təsərrüfatda istifadə eləyirlər. Bunların yarışlarda istifadəsi mümkün deyil. Bunlardan heç bir zövq alınması da mümkün deyil. Bunlar yüz illərlə təsərrüfat həyatında olub. Amma bunlara milli at əvəzinə bu coğrafiyanın yetişdirməsi olaraq elə yerli at demək olar. Yerli at anlayışını, məsələn, təsərrüfat atı kimi izah eləməyə ehtiyac yoxdur. Onu da nəzərə alaq ki, bu anlayışların izahında ziddiyyət də var.
Ölkəmizin müxtəlif yerlərində, o cümlədən Ağstafada çox gözəl bir atçılıq zavodu var. Bu zavodların böyük potensialı var. Bakıda keçirilən müxtəlif yarışlarda da iştirak eləyirlər. Mənə elə gəlir ki, bu qanunda atların yetişdirilməsi işinə xüsusi diqqət yetirmək lazımdır. Yəni bu qanun, həqiqətən, atçılıqla bağlı təsərrüfat münasibətlərini tənzimləmək üçün yox, atçılığın inkişafı üçündürsə, buraya o inkişafı şərtləndirə biləcək müəyyən maddələr artırmaq lazımdır.
Eldar müəllim bu qanun layihəsi barədə çox geniş, çox gözəl izahat verdi. Eldar müəllim həmişə belə səviyyəli, həm də aydın izahatlar verir. Heç bir mübahisə yeri qalmır. Müəyyən çatışmazlıqları isə düzəltmək olar, çünki kontekstin özü aydındır. Mən böyük məmnuniyyətlə bu qanuna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, məlumat üçün bildirim ki, qanun layihəsi ilə əlaqədar burada kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, “Azərdamazlıq” Respublika Elm İstehsalat Birliyinin baş direktor əvəzi Xəndan Rəcəbli iştirak eləyirlər. Mən istərdim, nazir müavini Bəhram müəllim öz fikrini bildirsin. Bizim hələ bir qanunumuz da var. Ona görə xahiş edirəm, ümumi şəkildə münasibətinizi bildirin. Buyurun, Bəhram müəllim.
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi sizin müzakirənizə verilmişdir. Bu qanunun ərsəyə gəlməsində mən hörmətli Prezident cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Bu qanunla bağlı Eldar müəllim o qədər fikirlər söylədi ki, daha söz deməyə ehtiyac qalmır. Sadəcə olaraq, onu demək istəyirəm ki, bu qanunun uğurla həyata keçirilməsi üçün onun müəyyən müddəalarında bəzi dəyişikliklər etmək lazımdır. Mən özüm artıq 20-dən çox dəyişiklik hazırlamışam. İkinci oxunuşda bu məsələlər həyata keçiriləcəkdir.
Bununla bağlı bir neçə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bu gün böyük bir komissiya yaradılıbdır. Komissiyada nəinki bu məsələlərin həllinin yekunlaşması, ümumiyyətlə, damazlıq sisteminin qurulması üçün böyük işlər görülür. Yəqin ki, Milli Məclisin gələcək iclaslarında bu damazlıq sisteminin qurulması üçün müəyyən təkliflər də meydana çıxacaqdır.
Mən bu məsələlərin həllinə göstərdikləri diqqət üçün millət vəkillərinə öz təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsi ikinci oxunuşa hazırlanarkən sizin bütün qeyd və iradlarınıza baxılacaq və müəyyən düzəlişlər ediləcəkdir. Diqqətinə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən konseptual baxımdan bir-iki məsələyə toxunmaq istəyirəm. Yaxşı olar, Qərbdə atlara, atçılığa olan məhəbbətdən, sevgidən danışanda nəzərə alaq ki, Qərb ölkələrində atçılığın inkişaf etdirilməsi dövlət büdcəsi hesabına yox, ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin hesabına həyata keçirilir. Dövlətin işi təhlükəsizlik, sanitariya-gigiyena və sair qaydaların təyin edilməsindən, onların həyata keçirilməsinin təmin edilməsindən, nəzarət işindən və bu qaydaları pozanlara cəza verilməsindən ibarətdir.
Bayaq belə bir fakt nəzərimizə çatdırıldı ki, hansısa ölkədə 200-300 cıdır meydanı var. O cıdır meydanlarının hamısı ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin mülkiyyətindədir. Dövlətin mülkiyyətində biri də yoxdur və həqiqətən, bəzi ölkələrdə atçılıq fəaliyyətindən əldə olunan maliyyə dövriyyəsi avtomobil sənayesindəkindən də, başqa sahələrdəkindən də artıqdır. Ancaq bu qanun layihəsində mən dövlətin gəlirlərini görə bilmirəm. Ola bilsin, pis baxıram, ola bilsin, düzgün oxuya bilmirəm. Heç yerdə qeyd olunmayıb ki, atçılıq da sahibkarlığın adi bir növüdür və sahibkarlıq növü olaraq bu çərçivədə tənzimlənməlidir. Atı sevə də bilərsən, inkişaf etdirə də bilərsən. Ancaq dövlətin qayda-qanunları çərçivəsində rüsumları, vergiləri və sairi verməklə. Yoxsa damazlıq elədik, filan elədik, xərclədik, dövlət nə qazandı? Bu məsələlərə də konseptual cəhətdən nəzər yetirmək lazımdır. Elə olmasın ki, büdcəmiz artdıqca xərcimiz də artsın, bir gün də ayılaq ki, hər şeyi tənzimlədik, yetişdirdik, gözəlləşdirdik, pul da qurtardı, it də getdi, ip də getdi. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, buyurun, deyilən fikirlərə münasibətinizi bildirin.
E. İbrahimov. Sağ olun, hörmətli Ziyafət müəllim. Mən bu müzakirələrdə çıxış eləyən hər bir deputat həmkarıma komissiyamız adından çox dəyərli təkliflərinə, fikirlərinə görə minnətdarlığımı bildirirəm. Həqiqətən, çıxış eləyən bütün həmkarlarım çox dəyərli fikirlər dedilər. Mən əvvəl dedim ki, bu qanun necə gəlibsə, biz onu o cür də qəbul eləməliyik. Ona heç bir əlavə və dəyişiklik eləyə bilmərik. Lakin qanun layihəsi ikinci oxunuşa hazırlanarkən sizin dediyiniz təkliflərin, yəqin ki, əksəriyyəti nəzərə alınacaqdır.
Mən burada xüsusilə Cəmil müəllimin və Sabir müəllimin dediyi fikirlərə münasibətimi bildirmək istəyirəm. Bəli, biz ali qanunvericilik orqanıyıq, qanunlar buradan Prezident Aparatına getməlidir. Amma Prezident Aparatından da bizə qanun layihələri gələ bilər. Prezident də bu cür qanunları bizə göndərirsə, bu onun səlahiyyətidir və buna heç kəs qarışa bilməz. Lakin onu da sizə deyim ki, mən 11 ildir komissiya sədriyəm, birinci bu cür qanun layihəsidir ki, Prezident Aparatından gəlir və şəxsən mən də ona görə utanıram. Bu qanun hazırlanan vaxt, – mart ayı idi, – mən dedim ki, qanun layihəsini göndərin, biz də onun üzərində işləmək istəyirik.
Atçılıq haqqında, arıçılıq haqqında sahəvi qanunlara, həqiqətən, ehtiyac var. Çünki hər hansı bir sahənin inkişafı ən azı onun qanunvericilik bazasının yaradılmasından başlayır. Deyək ki, hər hansı bir əcnəbi burada at zavodu yaratmaq istəyir, birinci soruşur ki, bu sahədə qanun var, yoxdur. Qanun varsa, ora sərmayə qoyur, qanun yoxdursa, qoymur. Qanun ən azı elə buna görə lazımdır. O baxımdan bu qanunu elə olduğu kimi göndərdilər. Amma o bir az çox yol gəldi. Bəlkə də Azərbaycanda elə nazir yoxdur ki, bu qanun bir müddət onun stolunun üstündə olmasın. Ona görə 11 ay yubandı, indi gəldi çıxdı bizə. Amma mən hesab eləyirəm ki, kənd təsərrüfatı naziri layihəni o vaxt bizə versəydi, bu qanun çoxdan təkmilləşdirilib qəbul olunmuşdu. Söhbət ondan getmir. Yenə deyirəm, Konstitusiya ilə Prezidentin hər hansı qanunu bura göndərməyə səlahiyyəti var.
Hesab edirəm ki, sizin təklifləriniz bu qanun layihəsinin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir. Həmkarım Hüseynbala müəllim də mənə təkliflərini göndərib. Yəqin ki, bu təkliflər də nəzərə alınacaqdır. Mən burada çıxış etməyən hörmətli həmkarlarımdan da xahiş edirəm ki, bizə köməklərini əsirgəməsinlər. Necə ki ata qarşı olan sevginizdən, məhəbbətinizdən danışdınız, elə o sevgi ilə, məhəbbət ilə də Atçılıq haqqında bu qanunun daha yaxşı bir qanun olması üçün, xahiş edirəm, öz töhfənizi verəsiniz. Mən bugünkü müzakirəyə görə bir daha sizin hamınıza, Ziyafət müəllim, Sizə və burada çıxış eləyən hər bir deputat həmkarıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm. Mənə elə gəlir ki, bu, hamının ürəyincə olan bir qanun layihəsidir. Əgər etiraz yoxdursa, səsə qoyaq. Münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 17.00 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, özü də yekdilliklə qəbul edildi. Təşəkkür edirəm.
Növbəti qanun layihəsi. Daxili audit haqqında. Komissiya sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir. Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlar çərçivəsində maliyyə-nəzarət sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində son illər respublikada mühüm addımlar atılır.
Bu istiqamətdə görülən işlərin hüquqi bazasını “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyul tarixli fərmanı, “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 yanvar tarixli sərəncamı, “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli fərmanı və “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının təşkil edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı və digər normativ-hüquqi aktlar təşkil edir. Beynəlxalq standartlara cavab verən nəzarət mexanizmini tətbiq etmək məqsədi ilə “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış fərman iqtisadiyyatımızda demokratik prinsiplərin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında sosial-iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmlənməsinin dövlət siyasətində üstünlük təşkil etdiyi indiki şəraitdə maliyyə nəzarətinin, o cümlədən bütün dünyada mütərəqqi maliyyə nəzarəti forması kimi qəbul edilmiş auditin rolu ikiqat artıb. Bu mənada heç də təsadüfi deyil ki, audit sisteminin islahatı “Azərbaycan Respublikası dövlət idarə və idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında müasir şəraitdə dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qarşıya qoyulmuşdur. Başqa sözlə, iqtisadi siyasətdə yersiz və qanunsuz yoxlama və müdaxilə halları ilə audit arasında hüquqi sədd çəkilmişdir. Birincilərə qadağa qoyulduğu bir zamanda auditin əhəmiyyəti və inkişafının zəruriliyi ön plana çəkilir. Bu isə öz növbəsində maliyyə nəzarəti sisteminin köklü sürətdə yenidən qurulmasını tələb edir.
Maliyyə nəzarətinin növləri arasında daxili audit xüsusi yer tutur. Heç də təsadüfi deyildir ki, bir sıra mühüm beynəlxalq normativ aktlarda bu məsələ xüsusilə vurğulanır. Bütün bunlar Daxili audit haqqında Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanmasını aktual etmişdir.
Qanun layihəsinin əsas müddəaları 2006-cı il mayın 17-də İqtisadi siyasət daimi komissiyasının audit qanunvericiliyinin monitorinqinə həsr edilmiş iclasında müzakirə olunmuşdur. Daxili audit haqqında qanun layihəsi hazırlanarkən bu sahədə bir sıra ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmuşdur. Qanunun məqsədi Azərbaycan Respublikasında daxili audit xidmətinin təşkili, daxili auditin həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən etmək, təsərrüfat subyekti rəhbərinin göstərişi ilə onun maliyyə-təsərrüfat fəaliyyətinin qanunvericiliyə, o cümlədən qəbul edilmiş mühasibat uçotu standartlarına uyğunluğunun və idarəetmə prinsiplərinin səmərəliliyinin müstəqil yoxlanması və qiymətləndirilməsi prosedurlarını müəyyən etməkdir.
Qanun layihəsi 5 fəsildən, 16 maddədən ibarətdir. “Ümumi müddəalar” adlanan I fəsildə bu qanunda istifadə olunan əsas anlayışların şərhi verilmiş və qanunun təsbit edilməsi müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, daxili audit daxili nəzarət sisteminin tərkib hissəsidir. Daxili nəzarət sistemi müəssisənin səmərəli fəaliyyətinin təmin edilməsini və risklərin idarə olunmasını həyata keçirmək üçün müəssisədə yaradılan nəzarət sistemidir. Bu sistem maliyyə, metodoloji və prosedur yoxlamalarının məcmusudur. Daxili audit isə daxili nəzarət sisteminin, habelə bütövlükdə idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi deməkdir. Başqa sözlə, daxili audit daxili nəzarət sisteminin tərkib hissəsi olmaqla onun digər qollarının maliyyə, istehsal, xidmət, təchizat, vəzifə və funksiyalarını öz üzərinə götürmədən onların səmərəliliyini obyektiv qiymətləndirmək və mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr hazırlayıb təsərrüfat subyektinin rəhbərinə təqdim etməklə fəaliyyətin inkişafına və səmərəliliyinin yüksəldilməsinə, risklərin idarə olunmasına təminat verir. Daxili audit təsərrüfat subyektində yaradılan və birbaşa təsərrüfat subyektinin rəhbərinə tabe olan daxili xidməti həyata keçirir.
Layihədə qanunun tətbiq dairəsinə məcburi auditin obyekti olan, mülkiyyət və təşkilat-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təşkilat, müəssisə və idarələr daxil edilmişdir. Mövcud qanunvericiliyə görə auditin obyektlərinə səhmdar cəmiyyətləri, kredit və sığorta təşkilatları, maliyyə-sənaye qrupları, ictimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər və digər təsərrüfat subyektləri aid edilir. Nəzərə alsaq ki, hal-hazırda bizdə 26 şəkildə təsərrüfat subyekti məcburi auditin obyektidir, qanunun sosial əhəmiyyəti daha aydın olar. Belə ki, təqribi hesablamalara görə, bu qanunun tətbiqi 50 mindən artıq yeni iş yerinin açılması və bu təşkilatlarda maliyyə mənafeləri cəmləşən vətəndaşların hüquqlarının qorunması zərurətini yaradacaq.
Layihənin II fəsli daxili auditin təşkilinə həsr edilmişdir. Bu fəsildə daxili audit xidmətinin vəzifələri göstərilir. Bütövlükdə layihədə daxili audit xidmətinin vəzifələrinə daxili nəzarət sisteminin səmərəliliyini və onun təsərrüfat subyektlərinin məqsədləri ilə uyğun olub-olmamasını, maliyyə-mühasibat məlumatlarının və digər məlumatların etibarlılığını, mötəbərliliyini, təsərrüfat subyektinin və ona tabe olan müəssisə və təşkilatların struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlar və təsdiq edilmiş fəaliyyət planı ilə uyğun olub-olmamasını, resurslardan istifadənin səmərəliliyini və düzgünlüyünü, resurslardan istifadəyə nəzarəti və zərərdən qorunmanın yetərliliyini qiymətləndirmək aid edilmişdir.
Bununla yanaşı, iri təsərrüfat subyektlərində məqsədəuyğun hesab edilən və həmin müəssisələrin ali idarəetmə orqanlarına və müşahidə şurasına köməklik göstərmək üçün yaradılan Audit Komitəsinin vəzifələri də layihədə öz əksini tapmışdır. Layihədə nəzərdə tutulduğu kimi, Audit Komitəsi nəzarət sisteminin yaradılması və tətbiqi, daxili nəzarətin əhəmiyyəti və risklərin idarə edilməsi, onların minimumlaşdırılması istiqamətində tövsiyələr hazırlayır, kənar və daxili auditorlar tərəfindən irəli sürülmüş daxili nəzarət üzrə tövsiyələrin təsərrüfat subyektlərinin icra orqanları tərəfindən icra olunub-olunmaması barədə məlumat əldə edir, mühüm maliyyə risklərinin sahələrini müəyyənləşdirib təsərrüfat subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir, daxili nəzarət və bu kimi yoxlamaların gedişində aşkar olunmuş saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları daxili auditorlarla müzakirə edir, daxili audit xidmətinin fəaliyyətini tənzimləyir və ona nəzarət edir, daxili auditorlar tərəfindən təqdim edilmiş mühüm nəticələri və tövsiyələri müntəzəm olaraq müzakirə edir.
Bu fəsildə daxili audit xidmətinin müstəqilliyi, o cümlədən daxili audit xidmətinin planlaşdırılmasında, daxili auditin aparılmasında, auditlə bağlı hesabatların hazırlanmasında müstəqilliyi və təsərrüfat subyektinin icra orqanlarının səlahiyyətlərinə aid işlərə, habelə öz səlahiyyətlərinə aid olmayan proqram və layihələrin hazırlanmasına və icrasına cəlb edilə bilməməsi xüsusi vurğulanmışdır.
“Daxili auditor” adlı III fəsildə daxili auditora aid tələblər və onun vəzifələri verilmişdir. Burada göstərilir ki, daxili auditor olan şəxsin iqtisadçı, hüquqşünas ixtisasları üzrə ali təhsilə və ya qanunvericiliyə uyğun olaraq xarici dövlətlərin Azərbaycan Respublikasında tanınan ali təhsil müəssisələrində həmin ixtisaslara və müvafiq ixtisas üzrə 3 illik fasiləsiz iş stajına malik olması tələb olunur. Digər ixtisas sahibləri qarşısında ali təhsilə və audit ilə əlaqədar sahələrdə 5 illik fasiləsiz iş stajına malik olmaq tələbi qoyulur. Təsərrüfat subyektində şəxsi marağı, onun rəhbəri ilə və müəssisədə mühasibat (maliyyə) hesabatlarının tərtib edilməsinə məsuliyyət daşıyan hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi və ya səhmdarı olduqda daxili auditorlara həmin təsərrüfat subyektlərində audit aparmaq qadağandır.
Layihənin IV fəslində audit fəaliyyətinin dövlət tənzimlənməsi və koordinasiyası əks olunmuşdur. Qanun layihəsində daxili audit fəaliyyətinin özünütənzimləməsinin daxili auditorların ictimai birlikləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında Daxili Auditorların İctimai Birliyi – 1999-cu ildən Daxili Auditorlar İnstitutunun ölkəmizdə təmsilçisi olan “Audit Azərbaycan” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ictimai birlik qismində qeydiyyata alınmışdır.
Qanun layihəsinin V fəslində qanunun tələblərinin pozulmasına görə məsuliyyət müəyyən edilir.
Hörmətli millət vəkilləri! Məlumat üçün bildirim ki, bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasının geniş iclasında Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası əməkdaşlarının iştirakı ilə ətraflı müzakirə olunmuşdur. Müzakirələr prosesində çox dəyərli təkliflər edilmişdir. Redaktə xarakterli, ayrı-ayrı fəsillərin daha geniş verilməsi, bəzi hallarda vəzifələrin düzgün müəyyən edilməməsi, məsuliyyət bölməsinin zəif işıqlandırılması kimi tənqidi fikirlər söylənilmişdir.
Qeyd etmək istərdik ki, may ayında İqtisadi siyasət daimi komissiyası adlarını çəkdiyim müvafiq strukturların və Azərbaycan Respublikası Auditorlar Palatasının iştirakı ilə Milli Məclisin binasında böyük, maraqlı bir konfrans keçirmiş və konfransın materialları mətbuatda geniş əks-səda doğurmuşdur. Ümumiyyətlə, belə bir qanunun qəbulu, heç şübhəsiz ki, Azərbaycanda aparılan iqtisadi islahatların, maliyyə nəzarətinin daha da təkmilləşdirilməsinə, ölkəmizdə maliyyə şəffaflığının təmin edilməsinə xidmət edəcəkdir. Mən hörmətli millət vəkillərindən bu qanunu konseptual baxımdan dəstəkləməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, əyləşin, zəhmət olmasa. Hörmətli millət vəkilləri, müzakirələrə keçməzdən əvvəl istəyirəm bir təklif verim. Yazılıb çıxış eləmək istəyənlər çoxdur. Ona görə bəlkə reqlamenti 5 dəqiqə eləyək. Çünki bizim vaxtımız da azdır. Bu reqlamentə etiraz edən varmı? Yoxdur. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən, əlbəttə, bu qanunun vacibliyi haqqında danışmaq istəmirəm. Bu qanun müzakirə olunub, qəbul edilməlidir. Təklifim ondan ibarətdir ki, bu müzakirələr zamanı qanunu konseptual cəhətdən qiymətləndirək və konkret təkliflər verək. Bu təkliflərdən bir neçəsini mən vermək istərdim.
Birincisi, bu qanun layihəsinin “Əsas anlayışlar” maddəsi daha dəqiq, hüquqi dildə yazılmalıdır. Misal üçün, “daxili nəzarət sistemi” anlayışının izahat hissəsinə “ancaq müvafiq qanunvericilik və normativ aktlar çərçivəsində” sözləri əlavə olunmalıdır.
Bir də ki, daxili nəzarət sistemi ancaq prosedur yoxlamalarını həyata keçirən nəzarət sistemi deyil. Auditi təkcə yoxlama məqsədilə yox, araşdırma məqsədilə də keçirirlər. Bu da konseptual məsələdir.
Bir də ki, “müstəqil” sözünü mən qəbul etmirəm. Əgər daxili auditi müəssisənin, təsərrüfat subyektinin rəhbəri təyin eləyirsə, o nə qədər müstəqil ola bilər? Mənim fikrimcə, “müstəqil” sözü buradan çıxarılmalıdır, çünki daxili audit heç cür müstəqil ola bilməz. Hər şey konseptual cəhətdən düzgün yazılmalıdır.
“Qanunun tətbiq dairəsi” adlanan 2-ci maddədə deyilir ki, bu qanun bütün təsərrüfat subyektlərinə şamil edilir. Bu müddəa 2.1-ci maddədə verilib. Amma bunun ardıyca gələn 2.2-ci maddədə oxuyuruq: “Bu qanunun müddəaları bu qanunun 2.1-ci maddəsində nəzərdə tutulmayan digər təsərrüfat subyektləri tərəfindən könüllülük prinsipi əsasında tətbiq edilə bilər”. Yaxşı, burada “nəzərdə tutulmayan” nədir? Heç bir şey. Yəni konseptual cəhətdən bu uyğunsuzluqlara fikir versəniz, mənim fikrimcə, işimizi daha səmərəli, daha düzgün qura bilərik. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Bizim hörmətli komissiya sədri Ziyad Səmədzadə çox ətraflı çıxış elədi. Ona görə mən konseptual baxımdan qanun layihəsinin qəbul olunmasına, təbii ki, tərəfdar çıxıram.
Hörmətli həmkarlar, iqtisadiyyatda maliyyə şəffaflığını təmin eləyən bu növ qanunlar bizə lazımdır. Payız sessiyasının açılışı münasibətilə Milli Məclisin ilk iclasında ölkə başçısının çıxışından sonra Daxili audit haqqında bu qanun layihəsinin müzakirəmizə çıxarılmasını mən, təbii ki, müsbət qiymətləndirir və hörmətli Auditorlar Palatası rəhbərinin bu səyini dəstəkləyirəm.
Təbii ki, mənim də bu layihə ilə bağlı qeyd və iradlarım, suallarım var. Yəni əgər daxili auditi təsərrüfat subyektinin özü təyin edirsə, – bunu Valeh müəllim də səsləndirdi, – bu audit nə cür müstəqil ola bilər? Ona görə hesab edirəm ki, qanun layihəsinin ikinci oxunuşuna qədər ona işgüzar şəraitdə müəyyən dəyişiklik etmək mümkündür.
İkinci məsələ. Vergilər Nazirliyi tərəfindən balanslar qəbul olunanda daxili auditorun rəyləri nəzərə alınacaqmı? Məncə, bu başqa müstəqil auditorların fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu haqda Auditorlar Palatasının rəhbəri, yəqin, məlumat verər.
Məni narahat edən məsələlərdən biri də hər bir müəssisədə daxili auditorların saxlanmasına nə qədər vəsaitin ayrılacağıdır. Bu hansı məbləğdə ola bilər? Çünki daxili auditdən başqa, təsərrüfat subyektinin özünün ayrıca mühasibatlığı, maliyyə-təftiş orqanları var, – həm səhmdar cəmiyyətlərdə, həm də idarə və təşkilatlarda. Bunlar bir-birini hansısa məsələlərdə əvəz eləyirlərmi, eləmirlərmi və bunun hər bir müəssisədə maliyyə tutumu ancaq o ali idarəetmə orqanının təşəbbüsündənmi asılı olacaq? Təbii ki, bu məsələlər işgüzar şəraitdə həllini tapa bilər. Ümumiyyətlə, qanun layihəsinin qəbul olunmasına tərəfdar çıxıram və həmkarlarımı ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nazim müəllim. Sabir müəllim, sualınız var?
S. Rüstəmxanlı. Mənim sualım Ziyad müəllimədir. Ziyad müəllim yəqin bilir ki, bizim “Auditor xidməti haqqında” Qanunumuz var, neçə ildir Azərbaycanda bu xidmətdən istifadə olunur. Daxili audit haqqında qanun qəbul eləmədən əvvəlki qanunla bu işi həyata keçirmək mümkün deyildimi? Bu qanunda belə bir qadağa varmı ki, daxili audit aparılmasın? Onsuz da bizdə adətən daha çox nüfuzlu beynəlxalq auditor xidmətinə əl atırlar. Özümüzün, respublikanın auditor xidmətini çox da etibarlı hesab etmirlər. İndi bu daxili auditor xidməti nə dərəcədə nüfuzlu olacaq ki, başqa auditor xidmətlərinin qarşısında bunun sənədləri keçərli olsun?
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Azərbaycanda bazar iqtisadiyyatı formalaşır və inkişaf edir, sosial-iqtisadi əlaqələr möhkəmlənir, yeni ehtiyat mənbələri yaranır. Belə bir dövrdə resurslardan səmərəli istifadə edilməsinin qiymətləndirilməsi, ehtiyatların aşkar edilib istifadə olunması günün ən vacib məsələsinə çevrilir.
Bu gün müzakirəyə təqdim edilən Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsini mən təqdirəlayiq hesab edirəm. Ancaq diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Məlum olduğu kimi, respublikamızda sahibkarlığın inkişafında süni maneələrin aradan qaldırılması, yerli və yersiz yoxlamaların qarşısının alınması, digər məmur özbaşınalıqlarına son qoymaq üçün ümummilli liderimiz Heydər Əliyev tərəfindən çox mühüm iki fərman imzalanmışdır. “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-ci il 17 iyun və “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı sahələrində maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanlar bu baxımdan xarakterikdir. Bu fərmanlar sahibkarlığın bütün sahələrinin inkişafına mühüm şərait yaradır. Bu gün həmin fərmanların hər ikisi qüvvədədir.
İndi isə biz daxili nəzarət sistemini bərpa etmək üçün Daxili Audit İnstitutunu təsis edirik. Ona görə də ümummilli liderimizin imzaladığı fərmanları inkar etməmək üçün biz Daxili Audit İnstitutunu elə təsis etməliyik ki, o, məmurların əlində yenidən inzibati alətə çevrilməsin, sahibkarlığın inkişafına maneçilik törətməsin, yersiz yoxlamalarla nəticələnməsin. Əksinə, sahibkarlığın inkişaflına təkan vermək üçün analitik tədqiqatlar, ekspertizalar aparsın. Bunu ona görə deyirəm ki, sahibkarlığa mane olmaq, yersiz yoxlamalarla insanları incitmək həsrətində olanlar hələ çoxdur. Məhz buna görə də daxili auditin mahiyyəti, məzmunu xeyirxah istiqamətlərə yönəldilməli, onun tətbiqi formaları dəqiqləşdirilməli, fəaliyyət sərhədləri məhdudlaşdırılmalıdır.
Mən qanunun lehinə səs verəcəyəm. Ancaq layihədə müəyyən maddələrə aydınlıq gətirilməsini istərdim. Belə ki, – hörmətli Valeh müəllim də dedi, – fikrimcə, “Əsas anlayışlar” maddəsi təkmilləşdirilməlidir. “Əsas anlayışlar” maddəsində bir çox məfhumlara aydınlıq gətirilir. Lakin 5.2-ci maddədə “Müşahidə Şurası” məfhumu var. Mən istərdim ki, bu anlayış da layihəyə salınsın və Müşahidə Şurasının nə olduğuna aydınlıq gətirilsin.
Digər bir məsələ. Burada “Daxili auditora dair tələblər” maddəsində yazılır ki, bu tələblərdən biri də digər ixtisaslar üzrə ali təhsilə və audit ilə əlaqədar sahələrdə beş illik fasiləsiz iş stajına malik olmaqdır. Mən elə bilirəm ki, burada “digər ixtisaslar” anlayışına da aydınlıq gətirilməlidir. Auditor elə bir çətin vəzifədir ki, digər ixtisas sahiblərinin, tutaq ki, hər hansı bir aqronomun və ya hər hansı bir müəllimin bu sahədə işləməsi qəribə görünür.
Burada bəzi maddələr elə bilirəm ki, daha da təkmilləşdirilməlidir. Həmin maddələrin təkmilləşdirilməsi ikinci oxunuşun tələblərinə uyğun olduğuna görə ikinci oxunuşda bu barədə öz fikirlərimi deyəcəyəm. Ümumiyyətlə, mən bu qanun layihəsini mükəmməl sənəd hesab edirəm və həmkarlarımı ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Çox sağ olun, Ziyafət müəllim. Milli Məclisin müzakirəsinə təqdim olunan Daxili audit haqqında qanun layihəsi barədə danışarkən qeyd etmək lazımdır ki, təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönələn, iqtisadi risklərin idarə olunmasına kömək edən daxili audit həm nəzarət etmək, həm də məsləhət vermək funksiyalarını həyata keçirir. Son vaxtlar ölkəmizdə bu sahənin inkişaf etməsi audit sahəsində kadr hazırlığına da tələbatı artırmışdır.
5 fəsil, 16 maddədən ibarət yeni qanun ölkəmizdə daxili audit xidmətinin təşkilini, həyata keçirilməsinin hüquqi əsaslarını müəyyənləşdirəcək, eyni zamanda, hər hansı təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin qanunvericiliyə, mövcud mühasibat uçotu qaydalarına uyğunluğunu, idarəetmə prinsiplərinin səmərəliliyini müstəqil surətdə yoxlayacaq və qiymətləndirəcək. Layihə mütəxəssislərin, Hesablama Palatasının, vergilər, maliyyə, iqtisadi inkişaf və digər nazirliklərin, Milli Bankın nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə olunmuşdur. Bir sıra qeyd və təkliflər verilmiş, müzakirə edilmişdir. Qanunun dil və üslubu da aydın və oxunaqlıdır.
Lakin mən burada bir məsələni qeyd etmək istəyirəm. 5 fəsil, 16 maddədən ibarət olan bu qanun layihəsində “Yekun müddəalar” adlı V fəsil bir maddədən və o maddə də cəmi bir cümlədən ibarətdir. Burada yazılıb: “Maddə 16. Məsuliyyət. “Bu qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.” Bu cümlədən ötrü bütöv bir fəsil ayırmaq məqsədəuyğun deyil. Bunu yazmasaq da aydındır ki, qanunun tələblərini yerinə yetirməyən hər bir şəxs məsuliyyət daşıyır. Bunu qanuna salmağa ehtiyac yoxdur. Əgər ehtiyac varsa, bunu hər hansı bir fəslin içərisinə bu və ya digər maddə şəklində salmaq olar. Onu ayrıca fəsil şəklində düzəltməyə, məncə, ehtiyac yoxdur.
Ümumiyyətlə, bu qanunun ölkəmizdə maliyyə sisteminin şəffaflığının təmin olunmasında xüsusi əhəmiyyətini nəzərə alaraq, layihənin konseptual baxımdan birinci oxunuşda qəbulunun sürətləndirilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Əli Məsimli.
Ə. Məsimli. Təşəkkür edirəm. Bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında müvafiq hökumət strukturlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub, xeyli dərəcədə təkliflər irəli sürülüb.
Hər şeydən əvvəl qeyd eləmək lazımdır ki, obrazlı şəkildə desək, bu qanun pullu qanundur. Həm sosial yükü, həm də kifayət qədər kapital yükü var. Yəni bu qanunun qəbul edilməsi orada deyilən informasiyalara görə, 50 minə qədər yeni iş yerinin açılmasına gətirib çıxara bilər. Əgər yaxın illərin orta əməkhaqqından çıxış eləsək, bu haradasa 150 milyon manat əlavə vəsait tələb edir. Əgər bundan ötrü lazım olan digər xərcləri də üstünə gəlsək, həmin rəqəm iki-üç dəfə artmış olacaq. Ona görə də əgər bu daxili audit köhnə təftiş komissiyasının funksiyasını yerinə yetirəcəksə, idarə müdiri o qədər vəsait xərcləyəcəkmi və daxili auditi elə o köhnə təftiş komissiyasının üzvlərindən formalaşdırmayacaqmı? Bax hesab edirəm ki, bu qanun ətrafında ən böyük sual bundan ibarətdir.
Ona görə də bu qanunu qəbul eləyən zaman konseptual xarakterli və Azərbaycanın özünün reallıqlarına uyğun bəzi məqamları nəzərə almaqla təkmilləşdirmələr eləmək lazımdır. Mən nəyi nəzərdə tuturam? Əgər bu daxili audit xidməti təftişlə məşğul olacaqsa, – mən dediyimi bir də təkrarlayıram, – o köhnə funksiyaları yerinə yetirmək üçün elə əvvəldən struktur var. Deməli, bu mütləq analitik qrup kimi fəaliyyət göstərməlidir. Ona görə də onun məqsəd və funksiyalarında, hesab edirəm ki, müvafiq dəyişiklik olmalı, Daxili audit haqqında qanunun məqsəd və funksiyaları arasında daxili auditin hüquqi bazasının yaradılması ilə yanaşı, idarəetmənin səmərəliliyi, daxili resurslardan rasional istifadə, risklərin idarə edilməsi və minimuma endirilməsi, şəffaflıq və s. kimi məsələlər ön sıraya çıxarılmalı və onun əsas funksiyasını təşkil eləməlidir.
İkinci ciddi məsələ ondan ibarətdir ki, bu qanunda irəli sürülən məqamların azı bir hissəsi Mülki Məcəllədədir, bir sıra digər müddəalar da auditlə bağlı qanunlardadır. Eyni zamanda, burada bəzi məqamlar “Banklar haqqında” Qanunla və s. müəyyən ziddiyyətlər təşkil edir. Ona görə də ikinci böyük tezisim ondan ibarətdir ki, bu qanun Mülki Məcəllə və digər müvafiq qanunlarla ziddiyyət təşkil etməməlidir. Elə götürək Mülki Məcəllənin 107-ci maddəsini. Bu maddənin 11–ci bəndində səhmdar cəmiyyətlərin təftiş komissiyası ilə bağlı böyük bir hissə var və onunla bu tamamilə fərqli məqamlardır. Ona görə də müvafiq dəyişikliklər edilməsinə ehtiyac var.
Tezis formasında demək istədiyim növbəti məsələ ondan ibarətdir ki, 6-cı maddədə daxili audit xidmətinin rəhbərinə dair irəli sürülən tələb, yəni 5 illik staj məsələsi qəbul olunandır, məqbuldur. Amma auditorlardan 3 illik stajın tələb olunması, hesab edirəm ki, gənc mütəxəssislərin birbaşa yolunun bağlanması deməkdir. Mən təklif edirəm ki, bu müddət ya 1 ilə endirilsin, ya da müvafiq kursları keçməklə bilavasitə auditor işləməyə icazə verilsin ki, institutu qurtaran gənc mütəxəssislərin yolu bu qanunun həmin maddəsi ilə bağlanmasın.
Qanun layihəsinin 10-cu maddəsinin 2-ci bəndində deyilir ki, daxili auditor öz vəzifələrini icra edərkən fəaliyyətinin qanuniliyi üçün məsuliyyət daşıyır. Hesab edirəm ki, burada mütləq daha bir istiqamətdə konkretləşmə getməlidir. Yəni daxili audit həmin müəssisənin, təşkilatın kommersiya sirlərinin yayılmamasına görə məsuliyyət daşımalıdır.
Hesab edirəm ki, bu qanunun işləməsi üçün aşağıdakı ciddi məsələlərin həlli vacibdir: 1. Təsərrüfat subyektinin maraqları digər maraqlarla uzlaşdırılmalıdır. 2. Daxili audit xidmətinin rəhbəri və auditorlar təsərrüfat subyektlərinin kommersiya sirlərinin yayılmamasına, informasiya sızmalarına görə məsuliyyət daşımalıdırlar. 3. İdarə rəhbəri yeni daxili auditin köhnə daxili nəzarətdən – təftiş komissiyasından fərqli işləməsi üçün əlverişli şərait yaratmalıdır. 4. Heç bir tərəf bu proseslərdən süni istifadə etməməlidir. 5. Azərbaycan reallıqlarını da nəzərə almaqla qanunun işlək reallaşma mexanizmi yaradılmalıdır. 6. Bu qanunun reallaşması ilə bağlı qəbul ediləcək digər normativ sənədlərin alt məqsədi olmamalı...
Sədrlik edən. Təşəkkür edirəm. Baba Tağıyev.
B. Tağıyev. Müzakirə olunan məsələ barədə mənim bəzi fikirlərim var idi, amma artıq onların bir çoxu burada deyildi. Müzakirə olunan qanun layihəsi ilə bağlı mən təklif irəli sürürəm və təklifimi belə əsaslandırıram ki, hazırda Azərbaycanda çoxlu şirkətlər, firmalar, kooperativlər, kiçik müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər fəaliyyət göstərir. Amma qanunvericilikdə bunlarla bağlı ayrı-seçkilik var. Nədən ibarətdir bu ayrı-seçkilik? Bu ilk növbədə ondan ibarətdir ki, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər məcburi auditdən keçir, şirkətlər, müəssisələr, kiçik müəssisələr, kooperativlər, firmalar isə keçmir. Onlar bunu belə əsaslandırırlar ki, qanunvericiliyə görə, bizim buna aidiyyətimiz yoxdur. Audit yoxlaması nədir? Audit yoxlaması obyektin maliyyə vəziyyətinin, dövriyyəsinin öyrənilməsi və vergi məqsədləri üçün vəziyyətinin aydınlaşdırılmasıdır. Onda nəyə görə hansısa kiçik müəssisə və ya firma kifayət qədər dövriyyəsi olduğu, lazımi qədər gəlir götürə bildiyi halda auditdən keçməmək hüququna malik olmalıdır? Mən təklif edirəm ki, qanun audit yoxlamasını onlara da şamil etsin. Bu, dövlət büdcəsindən vergilərin yayınmaması üçün görülən tədbirlərdən biri olardı.
Qanunda yazılıb ki, məcburi auditin obyekti yalnız məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər olmalıdır. Ona görə də mən təklif edirəm ki, qanun layihəsinin 1.0.9-cu maddəsindən “və məcburi auditin obyekti olan” sözləri çıxarılsın və mənfəət əldə etmək üçün yaradılan bütün hüquqi şəxslər auditə cəlb edilsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Baba müəllim. Vahid müəllim, buyurun.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Daxili audit haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında ciddi müzakirə edilmiş və biz orada bu qanunla əlaqədar bir sıra iradlarımızı bildirmişik. Amma çox təəssüflər olsun ki, Daxili Nizamnaməyə görə biz bu qanun layihəsini mütləq Milli Məclisin müzakirəsinə çıxarmalıydıq.
Bu qanunla əlaqədar iradlarımız çoxdur. Birincisi, mən demək istəyirəm ki, – bayaq yoldaşlar da qeyd elədilər, – “Audit haqqında” Qanun, o cümlədən “Mühasibat uçotu haqqında” Qanun var. Təsərrüfat subyektinin rəhbərləri bu iki qanundan istifadə edərək subyektdə müəyyən yoxlamalar, təftişlər, o cümlədən müəyyən proqnozlar aparmaq ixtiyarına malikdirlər.
Daxili auditin yaranması, ümumiyyətlə, həmin təsərrüfat subyektlərinə nə verir? Birinci bunu və bu qanunla “Mühasibat uçotu haqqında” Qanun, o cümlədən “Audit haqqında” Qanun arasındakı ziddiyyətləri araşdırmaq lazımdır. Burada qeyd olunur ki, daxili audit əsasən işin təşkilinin, o cümlədən resurslardan səmərəli istifadə olunmasının yaxşılaşdırılması, idarəetmə prinsiplərinin səmərəliliyinin yüksəldilməsi, risklərin aradan qaldırılması üçün həyata keçirilir. Məgər təsərrüfat subyektində olan mühasibat, yəni o subyektin daxilində təftişlə məşğul olan insanlar və ya maliyyə orqanları bu işləri görmək iqtidarında deyillər? Bu işləri indi də həmin təsərrüfat subyektlərində görürlər. Mən komissiyanın keçən iclasında da dedim, indi burada da deyirəm, bu daxili audit heç vaxt müstəqil ola bilməz. Əgər auditor təsərrüfat subyektinin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilirsə, o necə sərbəst ola, müstəqil ola bilər? Bu mümkün deyil. O müstəqil fəaliyyət göstərə bilməzsə, deməli, təsərrüfat subyekti rəhbərinin bütün tapşırıqlarını yerinə yetirməlidir. Yəni o müəyyən çərçivə daxilində fəaliyyət göstərmək məcburiyyətində olacaq.
Bayaq Ziyad müəllim qeyd elədi ki, daxili auditin həyata keçirilməsi 50 min əlavə iş yeri və 150 milyon manata qədər əlavə əmək haqqı deməkdir. Amma ən əvvəl araşdırmaq lazımdır ki, bu əlavə əməkhaqqını ödəməyə, bu əlavə iş yerlərini yaratmağa təsərrüfat subyektlərinin, ümumiyyətlə, maraqları var, ya yox. Bunu aydınlaşdırmaq lazımdır. Mən 20 ilə yaxın təsərrüfat subyektinin rəhbəri olmuşam və bu işlərin içində olan bir insan kimi deyirəm, hər bir təsərrüfat subyekti istəyir ki, az adam işlətməklə daha çox əmək məhsuldarlığı yaratsın, daha çox rentabelli məhsul istehsal eləsin. Onun nəyinə lazımdır ki, işə auditor qəbul eləsin, auditor qrupu yaratsın? Bayaq qeyd elədiyim kimi, “Mühasibat uçotu haqqında” Qanuna uyğun olaraq onda demək olar ki, müfəttişlər də var və lazım gəldikdə müəssisədə təftişlər də aparır. Ona görə araşdırmaq lazımdır ki, daxili audit bu müəssisəyə nə verəcək, Azərbaycan iqtisadiyyatına nə verəcək.
Biz bu vaxta qədər audit deyəndə yalnız xarici auditi nəzərdə tutmuşuq, xarici auditorlara, beynəlxalq auditor təşkilatlarına üstünlük vermişik. Beynəlxalq auditorların fəaliyyətini yüksək qiymətləndirdiyimiz üçün onları dəvət edib müəssisələrin fəaliyyətini araşdırır və onların biliyinə arxalanaraq verdikləri arayışı qəbul edirik. Amma bizdə bu qanun layihəsinin “Daxili auditora dair tələblər” adlı maddəsindəki tələblərə cavab verə bilən 10-15 adam tapmaq qeyri-mümkündür. 9.1.1-ci maddədə...
Sədrlik edən. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də Daxili audit haqqında qanun layihəsinə dair bəzi fikirlərimi bildirmək istərdim. 1990-cı illərdə Azərbaycan müstəqillik əldə edəndən sonra sahibkarlığın inkişafı nəticəsində ölkəmizdə müxtəlif təsərrüfat subyektlərinin yaranması, onların idxal və ixrac əməliyyatlarının genişlənməsi, dünya ölkələri ilə iqtisadi münasibətlərinin qurularaq inkişaf etdirilməsi bu təsərrüfat subyektlərinin mühasibat uçotunun daha da təkmilləşdirilməsi zərurəti yaratmışdır. Belə bir şəraitdə əmtəə istehsalı, satışı, xidmətlər göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının təmin edilməsi böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Nəzərə almaq lazımdır ki, iqtisadi islahatların aparılması nəticəsində təsərrüfat subyektlərinin sayı əvvəlki illərə nisbətən dəfələrlə artmış və onlarda mühasibat uçotu ilə xeyli sayda qeyri-peşəkar insanlar məşğul olmağa başlamışdır.
Bütün bunlarla əlaqədar olaraq təsərrüfat subyektlərində bu məsələni yüksək ixtisaslı kadrların vasitəsilə həll etməyə ehtiyac yaranmışdır. Bu, nəzərə alınaraq, 1994-cü il sentyabrın 16-da “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkəmizdə Auditorlar Palatası yaradılmışdır. Bu qanuna uyğun olaraq sərbəst auditorların, auditor xidməti təşkilatlarının fəaliyyətə başlaması, şübhəsiz ki, təsərrüfat subyektlərinin mühasibat uçotunun və hesabatının qüvvədə olan qanunlara müvafiq surətdə aparılmasında müsbət rol oynamışdır.
Bununla bərabər, təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi üçün daxili audit xidmətinin yaradılmasına ehtiyac vardır. Bu mənada hörmətli Prezidentimiz cənab İlham Əliyevin imzası ilə Milli Məclisin müzakirəsinə təqdim olunan Daxili audit haqqında qanun layihəsi diqqətəlayiqdir. Bu layihə də ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatların tərkib hissəsidir və onun müzakirə edilərək qəbul olunmasına ehtiyac vardır. Ona görə də mən layihənin müzakirə edilərək qəbul olunmasının tərəfdarıyam və deputat həmkarlarımı da ona səs verməyə çağırıram.
Eyni zamanda, qanun layihəsi ikinci oxunuşa hazırlanarkən aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanmasını xahiş edərdim. Layihənin 1.0.1 və 1.0.3-cü maddələrində “daxili nəzarət sistemi” və “daxili auditor xidməti” anlayışları izah edilərkən eyni sözlər hər üç anlayışda təkrar olunur. Bu da həmin anlayışların bir-birindən ayrılmasında çətinlik yaradır. Ona görə təklif edirəm ki, 1.0.1-ci maddədə “təsərrüfat subyektində” sözlərindən sonra “daxili auditor vasitəsilə” sözləri əlavə olunsun.
1.0.2 və 1.0.3-cü maddələrin aşağıdakı redaksiyada verilməsini uyğun hesab edirəm. 1.0.2: “Daxili audit daxili nəzarət sisteminin təmin edilməsi üçün təsərrüfat subyektlərinin həyata keçirilməsi fəaliyyətidir.” 1.0.3: “Daxili audit xidməti daxili audit nəticələri və təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinin təmin edilməsi barədə onun rəhbərliyinə tabe olan struktur bölmələrinə məlumatın verilməsi.”
Layihənin 2.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsini məqsədəuyğun hesab edirəm: “Bu qanunun müddəaları məcburi audit obyektləri olmayan digər təsərrüfat subyektləri tərəfindən könüllülük prinsipi əsasında tətbiq edilə bilər”.
Layihənin 4.0.5-ci maddəsinin aşağıdakı redaksiyada verilməsini məqsədəuyğun hesab edirəm: “daxili audit xidmətinin əsasnaməsini və ştat cədvəlini təsdiq edir”.
Yaxşı olardı ki, layihəyə daxili auditor xidməti ilə Auditorlar Palatası arasında əlaqələrin yaradılması barədə maddə əlavə ediləydi. Bu maddədə daxili auditorlar xidmətində çalışan...
Sədrlik edən. Sağ olun. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Mən yenə də xahiş edirəm, mənim sözlərimdən heç kim inciməsin, konseptual şəkildə müzakirədən söhbət gedirsə, gəlin konseptual müzakirədən danışaq, bu bir. İkincisi, çox böyük hörmətim olan Azər müəllim və Ziyad müəllim, əgər preambulada və “Əsas anlayışlar” hissəsində hər şey dəqiq və aydın yazılsaydı, buradakı müzakirələrin çoxuna yer qalmazdı. Daxili audit mütləq lazımdır. Daxili auditdə söhbət ancaq təftişdən, mühasibatdan, maliyyədən getmir. Audit idarəetmə sisteminin təkmilləşdirilməsi, marağı olmayan, məsuliyyət daşımayan bir insanın qıraq gözlə baxmağı, bunu araşdırması, təklif verməsidir. Bu bütün dünyada var. İdarəetmədir, işin təşkilidir, texnoloji proseslərin bir-birinə uyğunluğudur, ardıcıllığıdır. Bu, təkcə maliyyə və mühasibat deyil. Audit daha geniş şəkildə həyata keçirilən fəaliyyətdir. Daxili audit mütləq lazımdır. Ona görə də mən elə başa düşürəm ki, əgər Maliyyə Nazirliyi və müvafiq komissiya “Əsas anlayışlar” hissəsini və bəzi müddəaları daha dəqiq şəkildə işləsələr, çox suallar öz-özünə aradan qalxacaqdır. Burada konseptual cəhətdən qüsurlar yoxdur. Lazımınca müzakirələr oldu. Ona görə də mən təklif edirəm, gəlin səs verək, bunu qəbul edək. Sonra, ikinci oxunuşadək onlar da hazırlıq görsün, biz də hazırlıq görək, ancaq çıxışlar şəklində yox, həm də yazılı şəkildə. Sağ olun.
Sədrlik edən. Təkid eləyən yoxdur? Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli Ziyafət müəllim, bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında müzakirə olunub. Amma oradakı müzakirələr, təəssüf ki, konseptual baxımdan keçirilib. İkinci oxunuşa aid məsələlər də komissiya üzvlərinin diqqətindədir, yəqin ki, ikinci oxunuş zamanı deyiləcəkdir. Mən Valeh müəllimin dediyi iradlarla razılaşıram. Lakin burada həm də qanunun indiyə qədər mövcud olan hüquqi bazası unudulub. Axı bizim qanun yaradıcılığımızın təcrübəsi var. Bundan əvvəlki qanunlar var, Konstitusiyamız var, “Hesablama Palatası haqqında” Qanun var, “Auditorlar Palatası haqqında” Qanun var. Bunun qanunvericilik təminatı, özəyi vardır. Bu burada göstərilmir. Təklif edərdim ki, bu göstərilsin.
Burada müəyyən redaktə səhvləri də var. Sadalamaq istəmirəm. Amma qanun layihəsi ölkə Prezidentinin imzası ilə bura göndərilibdir. Bu qanun, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Qanun kənar audit fəaliyyətini qətiyyən inkar etmir. Digər tərəfdən, əgər daxili audit fəaliyyət göstərərsə, bu heç də o demək deyil ki, bu öz-özünü təftiş edəcəkdir, öz-özünü yoxlayacaqdır. Amma kənardan gələn auditor yoxlama apararkən daxildə olan auditor əgər özü öz işini bilirsə, bu ümumi işə ziyan eləmir. Bundan başqa, real fakt var, Ziyafət müəllim, onsuz da bir çox iri müəssisələrdə bu saat daxili audit vardır. Özünün əsasnaməsinə uyğun olaraq yaradılmışdır. Onlar fəaliyyət göstərir. Onların yaradılması, fəaliyyət göstərməsi bir daha sübut edir ki, bu təcrübə bizim iqtisadiyyatımız üçün vacibdir. Ona görə də mən hesab edirəm ki, bu qanunu konseptual baxımdan qəbul etmək məqsədəuyğundur və zəruridir. Mən deputat həmkarlarımı da bu qanuna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsində bir sıra maraqlı suallar meydana çıxdı. Mən istərdim, burada iştirak eləyən Auditorlar Palatasının sədri Vahid Novruzov bu məsələlərə münasibətini bildirsin. Buyurun, Vahid müəllim.
V. Novruzov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən ilk növbədə burada qanun layihəsini müzakirəyə təqdim etdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirmək istərdim.
Daxili auditin iqtisadiyyatımıza tətbiqi Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında öz əksini tapmışdır. Möhtərəm Prezidentin tapşırığı əsasında bir sıra normativ sənədlər, o cümlədən daxili audit xidməti rəhbərinin işə qəbulu və onun fəaliyyətinə xitam verilməsi barədə əsasnamə hazırlanması Auditorlar Palatasına tapşırılmış və belə bir sənəd hazırlanıb artıq müvafiq qurumlara təhvil verilmişdir.
Hörmətli Ziyad müəllim qeyd etdi ki, daxili auditin tətbiqi bir sıra beynəlxalq sənədlərdə tövsiyə olunur. Bəli, BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Bəyannaməsində, Avropa Birliyinin 8-ci direktivində və bir sıra digər sənədlərdə daxili auditin zəruriliyi gözəl göstərilibdir.
Mən Valeh müəllimə də öz minnətdarlığımı bildirirəm. Çünki daxili auditin tətbiqinin heç bir şübhə doğurmadığı onun tərəfindən çox gözəl əsaslandırıldı. Yəni daxili audit nəzarət və təftişin, kənar auditin, digər yoxlayıcı qurumların, o cümlədən də vergi orqanlarının əməkdaşlarının apardığı yoxlamalar deyil. Daxili auditin yeganə məqsədi təsərrüfat subyektində mühasibat sisteminin, maliyyə idarəsinin, təchizat idarəsinin və sair müvafiq qurumların öz işlərini qanuna uyğun aparıb-aparmamaları barədə idarə rəhbərinə məlumat hazırlamaq və nöqsanların aradan qaldırılması üçün konkret tövsiyələr verməkdən ibarətdir.
Burada daxili auditin müstəqilliyi barədə müəyyən mülahizələr söylənildi. Bəli, auditin müstəqilliyi dünya audit sistemində ən zəif nöqtələrdən biridir. Lakin daxili auditin müstəqilliyi barədə fikir söyləyərkən nəzərə almaq lazımdır ki, burada daxili auditin müstəqilliyi deyəndə onun yoxlanılan müvafiq qurumlardan, yəni təsərrüfat subyektlərinin müvafiq şöbələrindən müstəqilliyi nəzərdə tutulur. Təbii ki, daxili audit təsərrüfat subyektinin rəhbərinə, yaxud ali idarəetmə şurasına tabedir və onun tapşırığını yerinə yetirir. Burada müstəqillik digər paralel üfüqi qurumlar barədə nəzərdə tutulmuşdur. Daxili auditin müstəqil olmasında məhz təsərrüfat subyekti rəhbərinin özü maraqlı olmalıdır ki, onun təyin etdiyi daxili auditor müstəqil fəaliyyət göstərə bilsin.
Burada başqa məsələlər barədə, kənar audit, dövlət auditi haqqında da söhbət getdi. Bunlar ayrı-ayrı sahələr olsa da, daxili auditin yaradılması əslində kənar auditorun işini asanlaşdırır, onun fəaliyyətini müəyyən nizama salmaq üçün mühüm əhəmiyyət kəsb edir. Verilən təkliflərin, deyilən iradların, təbii ki, hamısı qiymətlidir və bunlar, məncə, nəzərə alınacaqdır.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli sədr, hörmətli millət vəkilləri! Mən bütün deputat həmkarlarıma təşəkkür edirəm ki, qanun layihəsi barədə çox dəyərli fikirlər söylədilər. Təbii ki, müxtəlif fikirlər var idi, bəzi məqamlarla heç cür razılaşmaq olmazdı. Hörmətli Vahid Novruzov bu məsələlərə də tam aydınlıq gətirdi.
Hörməti Sabir müəllim tamamilə haqlı olaraq dedi ki, “Auditor xidməti haqqında” Qanun var. Lakin o bilavasitə sahibkarlıq fəaliyyətinə yönəlmiş bir qanundur. Amma daxili auditin funksiyaları, məqsəd və vəzifələri tamamilə başqadır.
Ümumiyyətlə, deputat həmkarlarımın çıxışlarında çox dəyərli tövsiyələr səsləndi. Qanun layihəsi ikinci oxunuşa hazırlanarkən bu tövsiyələrin hamısı nəzərə alınacaq. Bir daha deyim ki, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında iqtisadi qurumların iştirakı ilə keçən müzakirədə bu qanun layihəsi birmənalı şəkildə Milli Məclisə tövsiyə olunmuşdur. Şübhəm yoxdur ki, ikinci oxunuşa daha mükəmməl layihə çıxarılacaqdır.
Sədrlik edən. Sağ olun. Mənim də bir xahişim var, Ziyad müəllim. Çox istərdim, bu qanun layihəsi ikinci oxunuşa hazırlanarkən “Auditor xidməti haqqında” Qanunun tələbləri və Mülki Məcəllənin normaları nəzərə alınsın. Əkrəm müəllimlə Azər müəllim təkid eləmirsə, təklif var, səsə qoyulsun. Etiraz yoxdur? Yoxdur. Münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 17.57 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 87
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun. Bununla da iclasımız sona çatır.