01.02.2018 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 56

Milli Məclisin iclas salonu.
1 fevral 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı  iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Famil Mustafayev, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru.
Fərzəli Qədirov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini.
Anar Bədəlbəyli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi.
Sübhan Ağakişiyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı.
Rəsul Əsgərov, Azərbaycan  Respublikası Təhsil İnstitutunun Peşə-ixtisas təhsili şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Terrorçuluğa qarşı mübarizə  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikint Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fazil Mustafa, Siyavuş Novruzov, Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Fərəc Quliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Əflatun Amaşov, Qənirə Paşayeva, Rövşən Rzayev, Nəsib Məhəməliyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

5. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

6. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

7. “Terrorçuluğa qarşı mübarizə  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Aqil Abbas, Ziyafət Əsgərov, Fərəc Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əhliman Əmiraslanov, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikint Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

15. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, İsa Həbibbəyli, Fazil Mustafa, Vahid Əhmədov, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Tahir Mirkişili, Aqil Abbas, Çingiz Qənizadə, Siyavuş Novruzov, Fuad Muradov

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1 fevral  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Hörmətli millət vəkilləri, 2018-ci il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə də münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq olundu, sağ olun. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, ilk növbədə yaz sessiyasının başlanması münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm. Keçən sessiya qurtaranda  Milli Məclisin gördüyü işlər barədə mən sizə məlumat vermişdim. Ona görə bunları təkrar eləmək istəmirəm. Əminəm ki, Milli Məclis 2018-ci il yaz sessiyasında da öz işlərini davam etdirəcək və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı quruculuq işlərinin hüquqi bazasını daha möhkəm təmin edəcəkdir.
Bildiyiniz kimi, bu il bizi çox gərgin işlər gözləyir. Bir şeyi nəzərinizə çatdırım ki, ötən ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin  yaranmasının 100 illiyi ilə bağlı cənab Prezident tərəfindən sərəncam imzalanmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin may ayında söylədi ki, bu tədbir dövlət səviyyəsində keçiriləcək. Eləcə də  Milli Məclisə tövsiyə etdi ki, Milli Məclis bu istiqamətdə xüsusi iclas keçirsin. Mən əminəm ki, biz sizinlə yəqin ki, iyun ayında  bu yubileyi yüksək səviyyədə  keçirəcəyik. Biz nəzərdə tutmuşuq ki, həmin iclas təxminən iyun ayında olsun. Əslində, bilirsiniz ki, sentyabr ayında keçirməliyik. Ancaq sentyabr ayında o biri ölkələrdə parlamentlər işlərinə yeni başlayırlar. Biz qonaqlar dəvət eləmişik. Yəqin, iyunun 9-da biz bu yubileyi keçirəcəyik. Ona görə Milli Məclisdə bu tədbiri hazırlamaq üçün qrup yaradılıb. İstənilən millət vəkili də bu qrupa qoşula bilər. Mən əminəm ki, biz bu tədbiri çox yüksək səviyyədə keçirməyə nail olacağıq.
Bu il, bildiyiniz kimi, Konstitusiyaya uyğun olaraq beşinci iclasda Azərbaycan hökuməti hesabat verəcək, ombudsmanın və Hesablama Palatasının illik fəaliyyətləri haqqında hesabatları dinləyəcəyik. Bizi çox gərgin işlər gözləyir. Mən sizin hamınıza uğurlar arzulayıram. Əminəm ki, bizim işimiz həmişəki kimi uğurla başa çatacaq.
Hörmətli millət vəkilləri, indi gündəliyə keçək. Gündəlikdəki məsələlərin bəlkə də müzakirəyə ehtiyacı var. Amma çox təkid eləyən yoxdursa, çıxış eləyəndə icazə verərik, 3 dəqiqəlik fikirlərini bildirərlər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid eləyən yoxdur. Gündəliyin birinci məsələsi Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Siyahı sizlərə paylanıb, adlar yazılıb. Bu siyahıya  etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ Milli Məclisin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Bu siyahı da sizə paylanıb. Amma orada bir məqam var. Biz keçən il qanun layihəsinə baxdıq, Konstitusiya qanunudur. 6 ay sonra yenidən baxılmalıdır. Yəqin, o qanun layihəsinə baxandan sonra  biz İntizam komissiyasının tərkibini, ola bilsin ki, artıraq. İndi hələlik ilk siyahıdır. Əgər başqa bir təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının qanunvericilik işləri planıdır. Xahiş edirəm, yazılın. Fazil Mustafa buyursun.
F.Mustafa. Çox sağ olun, təşəkkür edirəm, Oqtay müəllim. İlk öncə mən də yaz sessiyasının başlaması münasibəti ilə Sizi və bütün deputat həmkarlarımı təbrik edirəm, uğurlu iş rejimi arzulayıram. Oqtay müəllim, bir məsələ barədə qısaca qeydim var. İstərdim onu söyləyim. Bildiyiniz kimi, Xocalı hadisələrinin ildönümü yaxınlaşır. Təbii ki, dövlət səviyyəsində bu istiqamətdə addımlar atılacaqdır. Amma erməni saytlarını izləyəndə və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Ermənistanın prezidenti Sarkisyanın çıxışını dinlədikdə məlum oldu ki, bu il onlar Xocalı hadisələrində Azərbaycanın mövqeyinə qarşı 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini çox ciddi şəkildə gündəmə gətirərək onu xüsusi qeyd eləmək istəyirlər. Sarkisyan bunu dəfələrlə çıxışında vurğuladı. Ona görə mən nəyi təklif eləmək istəyirəm, Oqtay müəllim? Sumqayıt hadisələrində keçmiş SSRİ-nin DTK-sı kifayət qədər istintaq materiallarını aşkara çıxartdı və burada məlum oldu ki, əsas təşkilatçılardan biri məhz erməni əsilli Qriqoryan imiş.
Bu hadisələrin növbəti ildönümünə təxminən 25 gün qalır, indidən bütün təbliğat vasitələrindən, xüsusilə də beynəlxalq arenaya yayıla biləcək təbliğat imkanlarımızdan istifadə eləyərək qabaqlayıcı addım atmaq məqsədi ilə bu hadisələrin Qriqoryanın başçılığı ilə ermənilər tərəfindən törədilməsi fikrini tirajlamağa çalışmalıyıq. Dediyim kimi, onlar Xocalıya alternativ olaraq bunu düşünürlərsə, biz də bu istiqamətdə qabaqlayıcı addım atmağa indidən cəhd eləməliyik. Vaxta da az qalır. O dövrün istintaq materiallarından Qriqoryanın fəaliyyəti ilə bağlı məsələləri gündəmə gətirməliyik. Ermənilərin təbliğatına qarşı əks istiqamətdə fəaliyyət göstərməliyik.
Gündəliklə əlaqədar qanunvericilik işləri ilə bağlı demək istəyirəm. Əsasən, burada təklif olunan məsələlərlə razıyıq. Birinci, ən çox sual verilən məsələlərdən biri İnzibati Xətalar Məcəlləsində olan dəyişikliklərdir. Tütün məmulatlarının istifadəsi ilə bağlı da bildiyiniz kimi, qanun qəbul eləmişik. Ölkə Prezidenti də qanunu təsdiq eləyibdir. Lakin bunun təsdiqi ilə bağlı cəmiyyətdə xeyli sual yaranıb. Mütləq cəzaların konkretləşməsi istiqamətində  tezliklə addımlar atmalıyıq ki, həm iş adamları, həm hansısa  müəssisə rəhbərləri, həm də vətəndaşlar ən azı bu inzibati xətaya görə hansı cərimələri ödəyəcəkləri barədə dəqiq məlumata malik olsunlar. Bu, olduqca vacibdir.
Bir də, burada Peşə təhsili haqqında qanunun qəbul olunması müsbət bir haldır. Hesab edirəm, bu, Azərbaycan cəmiyyətində ən vacib addımlardan biridir. Çünki Azərbaycanda bir ənənə yaranıb. Hamı ali təhsili əsas prioritet götürmək istəyir. Savadlı da, savadsız da  mütləq ali məktəbdə oxumaq nüfuzunu əldə eləməyə çalışır. Halbuki inkişaf eləmiş ölkələrdə, hətta Almaniya kimi bir ölkədə ən ciddi prioritet sahələrdən biri peşə təhsili sahəsidir və orada ona dövlət tərəfindən xüsusi diqqət ayrılır. Ona görə də bu qanunun tezliklə qəbul olunması olduqca vacibdir.
Bir də, mən əsas nəyə diqqət çəkmək istəyirəm. Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında qanun layihəsi. Bu,  vacib qanunlardan biridir. Amma ilk növbədə uşaq qidası ilə bağlı bazarda olan proseslərin tənzimlənməsi və onun müəyyən şəxslərin monopoliyasından çıxarılması istiqamətində addımlar atılmalıdır. Uşaq qidası peyvənd kimi strateji məsələdir. Yəni bu gün bazara o qədər keyfiyyətsiz məhsullar daxil olur ki, qanunvericilik də bunun qarşısını almaqda müəyyən çətinliklər çəkir. Ona görə də müvafiq komitənin  bu məsələyə  diqqət ayırmasını vacib hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də yaz sessiyasının başlaması münasibəti ilə başda Siz olmaqla bütün həmkarlarımı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, qanunvericilik işləri planı ilə bağlı  bütün işlər nəzərə alınıbdır. Hansı işlər ki nəzərə alınmayıb, onlarla da bağlı, təbii, ölkəmizin,  iqtisadiyyatımızın inkişafı, beynəlxalq əlaqələrimizin genişlənməsi müqabilində yeni layihələr təqdim ediləcək və müvafiq strukturlar tərəfindən qəbul olunacaqdır.
Hörmətli Oqtay müəllim, Siz də çox gözəl qeyd elədiniz, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti geniş sərəncam imzalayıbdır. Bu səpkidə işlər gedir. Həmçinin adı müstəqilliyimiz ilə bir yerdə anılan, dövlət suverenliyinin bərpasında, dövlət müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli bayrağının qaldırılmasında, Azərbaycanın başına gələn 20 yanvar faciəsində ilk sözünü deyən, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quran ümummilli liderimiz Heydər Əliyevin də anadan olmasının 95 illiyidir. Hesab edirəm ki, biz bununla bağlı  öz tədbirlər planımıza kifayət qədər məsələ daxil etməliyik. Mən xüsusilə qeyd etmək istərdim ki, ümummilli liderimizin fəaliyyəti dövründə əsas prinsip Azərbaycanda humanizm prinsipi olubdur, humanizm onun həyatının əsas meyarı olubdur. Heç də təsadüfi deyil ki,  məhz 1995-ci ildən 2018-ci ilə qədər istər ümummilli liderin rəhbərliyi dövründə, istərsə də cənab Prezidentimizin rəhbərliyi dövründə Azərbaycanda bir çox amnistiya və əfv sərəncamları  qəbul olunubdur və bunun nəticəsi olaraq da kifayət qədər insan öz azadlığına qovuşubdur. Ümumilikdə  63 əfv fərmanı  qəbul olunubdur. O cümlədən 11 amnistiya qərarı olubdur. Mən xüsusilə  qeyd etmək istərdim ki,  2016-cı ildə hörmətli Mehriban xanım tərəfindən irəli sürülən amnistiya aktı 10 mindən artıq insanı əhatə etmişdi.  Təbii, qeyd etmək olar ki, hər bir deputat amnistiya aktı ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Amma nəzərə alsaq ki, bağışlamaq hüququ Allah-təalaya və cənab Prezidentə həvalə olunubdur, o baxımdan həm cümhuriyyətin 100 illiyi, həm də ümummilli liderimizin 95 illiyi ilə əlaqədar olaraq bütün deputat həmkarlarım ilə bir yerdə cənab Prezidentdən xahiş edək ki, bu təşəbbüsü yenə də öz üzərinə götürsün və amnistiya aktı ilə bağlı sərəncam versin. Belə bir aktın daha əhatəli şəkildə  təqdim olunması həm 100 illiyə, həm də 95 illiyə verilən bir qiymət ola bilər. Ümumiyyətlə isə gələcək fəaliyyət ilə əlaqədar  bir proqram ola bilər.
Mən hesab edirəm ki, bu amnistiya aktı digərlərindən fərqlənməlidir, fikrimi əsaslandırmağa çalışacağam. Hesab edirəm ki, bu, bütün vətəndaşlarımızın gözləntisi olan məsələ olduğu üçün mən bu gün bunu burada həmkarlarımın diqqətinə çatdırıram. Mən hesab edirəm ki, bir neçə məsələdə bu amnistiya aktı keçmişdəkilərdən fərqli olmalıdır. Maddələr ilə deyil, ümumiyyətlə, prinsip etibarı ilə də əhatə dairəsi daha geniş olmalıdır. Azərbaycan 27 ildən artıqdır ki, müstəqildir. Bu baxımdan mən hesab edirəm ki, bu amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün şəxslərə tətbiq olunmalıdır. Çünki ola bilər ki, hansısa silahlı birləşmələrin tərkibinə düşüblər, səhvə yol veriblər. Artıq uzun müddət keçib. Mən güman edirəm, onlar da səhvlərini başa düşüblər və belə bir akt ilə bu məsələ öz həllini tapa bilər. 
İkincisi, bu, yaşı altmışdan yuxarı olan bütün qadınlara  tətbiq olunmalıdır ki, onlar bu amnistiya aktından bəhrələnsinlər. Həmçinin himayəsində azyaşlı uşaqlar olan qadınlar da. Bu yaxınlarda “Rezonans” verilişində göstərdilər. Mən də diqqət ilə izlədim. Qadınlar var ki, həbsxanada dünyaya uşaq gətiriblər. Onların uşaqları da bu gün özlərindən asılı olmayaraq məhkumluq həyatı yaşayırlar. Çünki onlar buna vadardırlar. Yaxud valideyni, yəni anası həbs olunub və biz  çöldə baxımsız vəziyyətdə qoyduğumuz bir cinayətkar yetişdiririk. O baxımdan bu amnistiyanın insanların hamısına, xüsusilə də himayəsində azyaşlı uşağı olan insanlara  tətbiq olunması  vacib  amillərdən biridir.
Yaşı 70-dən yuxarı olan bütün kişilərə bunun tətbiq olunması nəzərə alınmalıdır. Radikal dini cərəyanlara qoşulmamış dindar şəxslərə tətbiq olunmalıdır, çünki bunlar dindar şəxslərdir. Bəziləri ehtiyatsızlıqdan, bilməyərəkdən radikal qruplara  qoşulublarsa, bu insanların inanclarını nəzərə alıb, hesab edirik ki, bunu tətbiq eləsək, daha məqsədəuyğun ola bilər.
Xüsusilə bir məsələyə toxunmaq istəyirəm. Müxtəlif radikal qrupların və ayrı-ayrı reputasiyası pis olan beynəlxalq təşkilatların təsiri altına düşüb, bilmədən, öz hərəkətinə nəzarət etmədən müəyyən cinayət törətmiş gənclər var ki, bu gənclərə də bunun tətbiq olunması vacib amillərdən biridir. Çünki bəziləri öz uşaqlarını xaricdə oxudurlar, amma başqasının uşağını qeyri-qanuni hərəkət etməyə sövq edirlər. Bunlar da artıq öz günahlarını başa düşüblər, bilirlər. Hesab edirəm ki, bunu da nəzərə almalıyıq.
Sonuncu olaraq qeyd etmək istəyirəm ki, bu gün  istər ATƏT-də, istər Avropa Şurasında, istər NATO-da, istərsə də beynəlxalq təşkilatlarda müəyyən qruplar var ki,  bu və ya digər şəkildə Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün, orada baş verən inkişafı gözdən salmaqdan ötrü müxtəlif bəhanələr adı altında fikirlər ortaya atırlar. Bu da insan hüquqları, siyasi məhbus məsələləridir.  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların  əksəriyyəti, ictimai təşkilatlar, hüquq müdafiə təşkilatları da dəfələrlə sübut ediblər ki, bu siyahılar saxtadır, belə bir şey yoxdur, siyasi baxışına görə heç kəs məsuliyyətə cəlb olunmayıb. Hər biri bu və ya digər şəkildə törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunub. Amma əfsuslar olsun ki, bundan Azərbaycana qarşı sui-istifadə edirlər. Bu “vəba xəstəliyi”nin qarşısını almaqdan ötrü, bu adamların Azərbaycana qarşı qarayaxmasını kəsməkdən ötrü addımlar atılmalıdır. Bu il nəzərə alsaq ki, ölkəmizdə seçki ilidir, bu cür kateqoriyaya daxil olan adamların hamısını  daxil etməklə birbaşa bu məsələyə son qoymaq lazımdır. Çünki bəzən görürsən ki, adı 3 adamın yanında hallanmayan adamı elə təqdim edirlər ki, guya prezidentliyə ən layiqli namizəd olduğuna görə  həbs olunub və sair. Bu məsələlərə son qoyaq və həm 100 illiyi, həm də 95 illiyi həmrəylik halında qeyd edək. Qanunvericilik işləri planına mən səs verirəm və həmkarlarımı da bu səsverməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siz hamısını qatdınız bir yerə, amnistiya aktı maddə ilə olur, maddəsiz amnistiya aktı olmur. O biri məsələlər də cənab Prezidentin əfv fərmanı ilə olur. Bunlar hamısı cənab Prezidentin səlahiyyətində olan məsələlərdir.  Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Cənab Sədr, Siz başda olmaqla bütün deputat həmkarlarımızı yaz sessiyasının işə başlaması münasibəti ilə təbrik edirəm. Qeyd olunduğu kimi, qarşıdakı dönəmdə çox böyük işlər var. Parlament mühüm bir dövlət qoludur və  ölkənin quruculuğunda, onun daxili və beynəlxalq həyatının formalaşmasında önəmli rol oynayır. Birinci toxunmaq istədiyim məsələ parlamentin fəaliyyətinə cəmiyyətdən və bəlli dairələrdən olan reaksiyalarla bağlıdır. Bu dövrü bir qədər müşahidə edən, görən, sosial psixologiyaları ayrı-ayrı dairələr tərəfindən yönləndirilən ənənələri müşahidə eləyən  bir insan kimi deyə bilərəm ki, parlamentə hücumlar heç vaxt indiki qədər sistemli olmayıb. Bunun müxtəlif səbəbləri var. Hər hansı bir parlament üzvünün bircəsinin mövqeyi yetərlidir ki, parlamentin bütövlükdə fəaliyyəti yerdən-yerə vurulsun. Mahiyyətcə bu, dövlət sistemini sındırmaq, hakimiyyət qolları arasında problemlər yaratmaq, parlamenti cəmiyyət rəyində aşağılamaq və sair məqsədi güdür. Ona görə də media fəaliyyətinin informasiya aləminə, virtual məkana çıxışı olan hər bir parlament üzvü təmsil olunduğu qurumun maraqlarını, mənafelərini qorumalıdır. Parlamentin obrazı balacalaşanda dövlət ucalası deyil. Hər birimiz bilməliyik ki, bu, dövlət rəhbərliyində aparılan sistemli fəaliyyətin tərkib hissəsidir.
Üçüncüsü, ikinci məsələyə vəsilə olsun deyə, cənab Prezidentin bir çıxışındakı sözlə başlamaq istəyirəm. Davos Forumunda ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan müxtəlif ölkələr əleyhinə forpost fəaliyyətinə cəlb olunur. Bizdən bunu istəyirlər, bizdən bunu umurlar. Şükürlər olsun ki, ötən dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyevin  liderlik gücü Azərbaycanı belə mövqelərə çəkməyə imkan verməyib. Lakin biz bu gün dünyada hansı şəraiti görürük? Biz onun şahidiyik ki, Amerika və Rusiya münasibətləri SSRİ-nin dağılmasından sonra ən aşağı bir duruma gəlib çatıb. İndi sanksiyalar bütövlükdə Rusiya hakimiyyətinin əksər nümayəndələrinə tətbiq olunmaqdadır. Sözüm onda deyil, kimsə düşünə bilər ki, bu, iki dövlət arasında olan münasibətdir. Amma bu, beynəlxalq şəraitə təsir edir, ayrı-ayrı məkanlarda yeni müharibə ocaqları yaradır və sair. Halbuki Azərbaycan bu müddət ərzində, Ukrayna hadisələrindən sonra Amerika və Rusiyanın əlaqələrinin çox pis olduğu bir dönəmdə NATO, Rusiya hərbi generaliteti və yaxud Amerikanın hərbi rəhbərliyi ilə Rusiya qərargahının rəhbərliyi arasındakı görüşə bir meydan olub, bir platforma olub, diplomatik siyasi mərkəz olub. Mən, əlbəttə, çox yaxşı anlayıram ki, bir çoxları bu mövqeyə fərqli yanaşa bilərlər. Amma bir parlament üzvü kimi çox arzulayıram, Azərbaycan cəmiyyətinin mövqeyi kimi qəbul olunsun ki, biz bir dövlət olaraq Rusiya və  Amerika arasındakı münasibətlərin bu şəkildə davamlılığını qəbul etmirik. Bunu öz maraqlarımıza zərbə sayırıq. Dediyimiz kimi, nə Rusiyanın əlində Avropaya qarşı ön cəbhəyik, nə də Qərb dairələrinin əlində Rusiya ilə aparılan savaşın tərəfiyik. Biz münasibətlərin yaxşılaşması üçün ölkə rəhbərinin kursunun ümumi xarakterinə söykənərək Bakını bir daha danışıqlar  meydanı kimi təklif edirik. Təki Rusiya və Amerika gəlib Bakıda barışsınlar.
Qanunvericilik məsələləri ilə bağlı təkliflərimə gəldikdə isə, cənab Sədr, Sizin də çox haqlı olaraq üzərində geniş dayandığınız cümhuriyyət ili, Azərbaycan  dövlətinin müstəqilliyinin 100 yaşının qeydiyyatı ilə bağlı demək istəyirəm ki, cümhuriyyət hamımızındır. O, xalqındır, yalnız bir partiyanın deyil, yalnız bir təşkilata mənsub deyil. Sadəcə, cümhuriyyətin önündə təkcə insanlar deyil, bütövlükdə bu xalq olmasa idi, cümhuriyyət də formalaşa bilməzdi. Ölkə rəhbəri də öz fərmanında bunu qeyd edib. O cümlədən parlament  də bu yöndə mühüm addımlar atacaqdır.
Cənab Sədr, ulu öndər hakimiyyətə qayıdanda, 1993-cü ildə, xatırlayırsınızsa, Fransaya səfəri zamanı gedib orada Sen-Klu qəbiristanlığını ziyarət etdi. Ölkə rəhbəri, ulu öndərin bu addımının mühüm bir siyasi və mənəvi tarixi mənası var idi. Əlimərdan bəy Topçubaşov və Ceyhun bəy Hacıbəyli orada dəfn olunublar. Onların taleyi ilə bağlı iki il əvvəl Heydər Əliyev Fondu tərəfindən “Əbədi ezamiyyət” adlı bir film çəkilib. Çox gözəl bir filmdir. O filmin ayrı-ayrı hissələrini təhrif edənlər var, tarixi üz-üzə qoyanlar var. Cümhuriyyət dövrünün liderlərinə müasir yanaşmalar edənlər var. Hər dövrün öz rəhbəri olar, qəhrəmanı olar. Amma Azərbaycan dövlətinin müasir dövrdə lideri ulu öndər Heydər Əliyevdir və onu tarixdə  kiminləsə müqayisə edib qiymət vermək çox yanlışdır. Heydər Əliyev bu dövləti xilas etməsə idi, biz cümhuriyyətin 100 illiyindən danışa bilməzdik.
Cənab Sədr, nəyi təklif etmək istəyirəm. Çox arzulayıram ki, ulu öndərin o addımının davamı olaraq bu il Sizin tərəfinizdən Fransaya səfər olarsa, bunu, əlbəttə, arzu kimi dilə gətiririk, bizim o siyasət adamlarının, dövlət adamlarının qəbri ziyarət olunsun. Bu, yaxşı tərəfdən varislik ənənəsi olar, onların ruhlarını şad edər, eyni zamanda, Azərbaycan dövlətinin öz tarixinə verdiyi hörmətli dəyəri özündə qoruyub saxlayar.
İki qanunvericilik aktını, daha doğrusu, üç qanunvericilik aktını təklif etmək istəyirəm. Birincisi evlərin sökülməsi ilə bağlı məsələdir. Bu aralıq dövrdə biz görürük ki, Bakının ayrı-ayrı köhnələn, istismar dövrünü başa vuran binalarını sökmək, yerində yeni evlər tikmək istəyənlər var. Bu çox yaxşı hərəkətdir. İnsanlar kimi binalar da köhnəlir, öz ömürlərini tapşırırlar. Ancaq bu, qanun əsasında olmalıdır. Kimsə düşünürsə ki, sadəcə, gözəyarı qiymətləndirmə meyarı ilə bütün şəhərlərə, rayonlara eyni cür yanaşılacaq, bu çox yanlışdır. Bu məsələnin tənzimlənməsi lazımdır. Bilirsiniz, işə başlayırlar, müəyyən dövrdən sonra iş yarımçıq qalır. Bunun taleyi necə olacaq? Hesab edirəm ki, bununla bağlı parlamentin üzərinə mühüm vəzifə düşür.
Başqa bir məsələ.  Cənab Sədr, ötən   dövr ərzində biz gördük ki, ölkədə böyük tikinti işləri gedir, bununla bağlı çayların qum-çınqılını böyük sərvət kimi ələ keçirənlər var. Mənim sözüm yoxdur, kimsə o təbii sərvətdən faydalanmaq istəyir, qoy olsun. Amma bu, qanun çərçivəsində olmalıdır. Bunu çayların yatağını dəyişərək, orada yaşayan insanların həyatına, torpaq sahələrinə zərbə vuraraq etmək olmaz. Kim düşünürsə ki, qum balaca bir varlıqdır, bu, düzgün fikir deyil. Qumdan, çınqıldan milyonlarla vəsait qazananlar var. Cərimə isə 12 min manatdan ibarətdir. Biz  keçən sessiyalarda cərimə sanksiyalarımızı kəskinləşdirmişik, onlara qarşı da bunu tətbiq eləməliyik. Çayların özəl sahibi yoxdur. Misir dövrü deyil. Onu kimsə bölüb üzərində fironluq eləsin. Bilirəm ki, hökumət tərəfindən çox ciddi hesabat hazırlanıb. O cümlədən Fövqəladə Hallar Nazirliyi bu məsələyə qarşı kəskin dirəniş göstərib. Amma görünür ki, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər. Ona görə bununla  bağlı məsələyə də baxılmasını istəyirəm. Bütövlükdə isə hesab edirəm ki, zəngin qanunvericilik layihələri var, onlar uğurlu bir fəaliyyətlə yadda qalacaqlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elə olmasın ki, Zahid Orucun danışığına əlavə edirəm, əlavə deyil, mən bunu hamınıza aid eləmək istəyirəm. Biz nə məsələ olsa, deyirik qanun layihəsi olmalıdır. Milli Məclisin qanunvericilik səlahiyyəti var, qanunları qəbul edir. Ancaq Nazirlər Kabineti var, Nazirlər Kabinetinin qərarları var, bunlar nə etməlidirlər? Evlərin sökülməsinə, tikilməsinə gərək Milli Məclis qərar çıxarsın? O boyda struktur  var, Bakı Şəhər İcra Hakimiyyəti var. Bir dəfə bir məsələni yazıb verdilər Konstitusiya Məhkəməsinə, mən hesab edirəm, düzgün olmayan qərar qəbul elədilər. Bu günə kimi biz o məsələnin altından çıxa bilmirik. Hər şeyi qanunla müəyyən eləməzlər axı. Qanunvericiliyin öz istiqaməti var, Nazirlər Kabinetinin öz funksiyası var, hər işi Milli Məclisin üzərinə qoymaq olmaz. Əli Məsimli.
Ə.Məsimli. Sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlaması münasibəti ilə Sizi, deputat həmkarlarımı, Aparatın rəhbərliyini, Aparatın işçilərini təbrik edirəm, xeyirli olmasını arzu edirəm. Xahiş edirəm, mənim çıxışım vaxta qənaət üçün həm də Vahid Əhmədovun adından da səsləndirilməsi kimi qəbul edilsin.
Bu yaz sessiyası, hesab edirəm ki, öz möhtəşəmliyinə görə xüsusi fərqlənən bir sessiyadır, bu sessiyada sözün həqiqi mənasında həm parlamentin Sədrinin giriş çıxışında qeyd edildiyi kimi, həm də biz qanunvericilik sənədlərinə baxanda görünür ki, 2018-ci ildə adına layiq möhtəşəm tədbirlər keçiriləcək və möhtəşəm qanunlar qəbul ediləcək. Yalnız Dövlət bayrağı haqqında, Dövlət gerbi haqqında, Dövlət himni haqqında qanun layihələrini sadalamaq kifayətdir. Doğrudan da, bu sessiyada bu qanunları qəbul eləsək, möhtəşəm bir nəticə əldə edəcəyik. Eyni zamanda, hesab edirəm ki, Ələt azad iqtisadi zonası haqqında qanunun qəbul edilməs qeyri-neft sektorunun Azərbaycanın postneft dövründə sıçrayışlı addımı kimi düzgün qurulsa, əla nəticələr verən bir şey olar, ona görə də bu qanunun da sürətləndirilməsini vacib hesab edirəm.
Eyni zamanda, dünya təcrübəsindən məlumdur və misal da çəkə bilərəm ki, hamı elə bilir, İsveçrə yalnız banklara görə dünyanın birinci üçlüyünə əbədi daxil olan ölkəyə çevrilib. Amma dərindən təhlil aparanda  görürük ki, orada həm də peşə təhsili sisteminin yüksək səviyyəsi, hamının işlə təmin olunması, orta təbəqənin əhalinin içərisində daha böyük çəkiyə malik olması və daim cəmiyyətdə lokomotiv rolunu oynaması heç də banklardan az rol oynamır. Bu nöqteyi-nəzərdən mən Peşə təhsili haqqında qanun layihəsinin də bu sessiyanın gündəliyinə salınmasını vacib hesab edirəm. Eyni zamanda, hesab edirəm ki, əgər biz “Təhsil haqqında” Qanunu model qanun qəbul eləmişiksə, heç olmasa, bu il həmin model qanundan çıxan digər qanunları da qəbul eləməklə bütövlükdə tamamlama işini görməyimiz vacib olar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Orta təhsil haqqında, Ali təhsil haqqında qanunların da tezliklə qəbul edilməsi, eyni sosial sifariş xarakterli bir neçə qanunun da qəbul edilməsi vacibdir. Bunların içərisində Təhsil kreditləri haqqında qanun layihəsi isə daha çox vacibdir. İnsanlar böyük əziyyətlə ali məktəblərə daxil olurlar, amma təhsil haqlarını ödəyə bilmədiklərinə görə hər il minlərlə insan təhsildən kənarda qalır, bu da minlərlə ailənin faciəvi bir problemi olur. Ona görə də bu qanunun qəbul edilməsinin sürətləndirilməsini vacib hesab edirəm.
Digər vacib məqam. Yenə də sosial xarakterli məsələ kimi hesab edirəm ki, Milli Məclisin yaxşı xidmətlərindən biri bilavasitə işsizliyin aradan qaldırılması istiqamətində qanunvericilik sənədlərinin tez qəbul edilməsidir. Bu da İşsizlikdən sığorta fondunun yaradılmasını sürətləndirdi. Eyni zamanda, bu yaxşı işləsə, hesab edirəm, 89 milyon manat heç də az pul deyil, onun 36 milyon manatı bilavasitə özünüməşğulluğa yönələcək. Burada bir məqamı da qeyd edim ki, bu yaxşı işləsə, ünvanlı sosial yardım alan, yaxud da birbaşa işsizliyə görə müavinət alan bir müddətdən sonra orta səviyyədə ailəsini dolandırıb həm də dövlətə vergi verənə çevriləcək. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, belə qanunların qəbuluna 2018-ci ildə başlanılması, həm də 2018-ci ilin adına layiq reallaşdırılması vacibdir.
Eyni zamanda, hesab edirəm ki, bir neçə aktuallıq təşkil eləyən məsələyə də bu sessiyada olmasa da, yaxın vaxtlarda baxılması vacibdir. Bu nöqteyi-nəzərdən Rəqabət Məcəlləsinin işlənilməsinin sürətləndirilməsini vacib hesab edirəm. Bir dənə misal çəkim, aydın olacaq. Nə qədər ki biz monopoliyaya qarşı potensialımıza uyğun mübarizə aparmayacağıq, proqnozlarda göstərdiyimiz 1–2 faizlik inflyasiyaya nail ola bilməyəcəyik. Çətin olacaq. Yağın qiymətinin qaldırılması istiqamətində burada məsələlər qaldırıldı, xeyli tədbirlər görüldü, dövlət həmin yağ gətirənlərə jest elədi və o istiqamətdə olan bütün vergiləri, ödənişləri və sairi 3 dəfə aşağı saldı, nəticə nə oldu? Yenə də yağın qiyməti eyni qaldı, həm xalqı aldadırlar, həm də dövləti.
İkinci bir misalı çəkmək istəyirəm ki, şəkər haradasa 40 faiz bahalaşmışdı, xırdaca rəqabət xarakterli elementlər ora daxil olan kimi şəkərin qiyməti 19 faiz aşağı düşdü. Bu, əyani misaldır ki, harada rəqabət varsa, orada qiymətlər aşağı düşür. Əgər rəqabəti inkişaf etdirsək, qiymətlərimizi 30–40 faiz aşağı sala bilərik.
Növbəti məsələ büdcənin hər bir manatına xüsusi diqqət yetirilməsi məsələsidir. Bu nöqteyi-nəzərdən layihə artıq xeyli dərəcədə işlənilib, sadəcə, onun müzakirəyə çıxarılması qalıb. Dövlət maliyyə nəzarəti haqqında qanun layihəsinin qəbul edilməsi vacibdir ki, bu da xeyli dərəcədə model qanun kimi bir neçə qanunun da bilavasitə bu istiqamətdə qəbul edilməsinə yol açar. Bir də ki, insanların əziyyət çəkdiyi məsələ problemli kreditlərdir. Artıq 2 milyon manata çatır. 15 faiz bütün portfelin ümumi həcmini təşkil edir, bunun da təhlükəsi həddən yuxarıdır. Ona görə, hesab edirəm ki, Problemli kreditlərin restrukturizasiyası haqqında qanunun qəbul edilməsi, bu istiqamətdə işlərin görülməsi insanların bu sahədə olan gözləntilərinin reallaşdırılmasında mühüm rol oynaya bilər. Bir daha yaz sessiyasında hamıya uğurlar arzulayıram, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli həmkarlarım! Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planına nəzər yetirdikdə görürük ki, bu plan yüksək səviyyədə işlənib hazırlanmışdır, kifayət qədər dolğundur. Qanunlar aktualdır və cəmiyyət üçün faydalı olacaqdır. Yaxşı haldır ki, burada bütün komitələrin qanunları öz əksini tapmaqdadır. Bu onu göstərir ki, önümüzdəki sessiya daha zəhmətli, məsuliyyətli və bir o qədər də məhsuldar olacaqdır. Qanunvericilik işləri planına salmaq üçün mənim bir təklifim var. Bu, aktual və bir çox vətəndaşı narahat edən bir məsələdir.
Bildiyimiz kimi, illər öncə respublikanın müxtəlif regionlarında, xüsusilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib. Elə ərazilər var ki, insanlar artıq 20–30 ildir, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və sair kommunal xidmətlərdən istifadə edirlər. Bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna bələdiyyə, icra hakimiyyəti tərəfindən müvafiq sənədlər də verilib. Lakin kompleks yanaşma olmadığından bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər, “kupça” adlanan sənədi ala bilmirlər. Bu problemi imkan daxilində tez həll etmək lazımdır. Çünki Zahid Orucun da dediyi kimi,  hazırda köhnə evlər sökülür, təzə məhəllələr salınır. Bu da labüddür, bu da Bakının inkişafı üçün lazımdır. Deməli, iki həll variantı var. Ya üzərindəki tikililər sökülərək torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadəyə qaytarılmalıdır, ya da kateqoriyası dəyişdirilərək həmin torpaqlar yaşayış məntəqələrinin torpaqları kimi yenidən qeydiyyata alınmalıdır.
Əlbəttə ki, kütləvi söküntüyə dövlətimiz heç zaman getməz. Çünki bu, bir tərəfdən iqtisadi cəhətdən  səmərəsizdir, digər tərəfdən isə minlərlə vətəndaşımızın uzun illər həmin evlərdə yaşadığını nəzərə alsaq, həm də sosial problem  yarada bilər. Ona görə ikinci variant qalır. Torpaqların təyinatının dəyişdirilməsi və beləliklə, vətəndaşların öz evlərinə qeydiyyata düşmələrinə imkan verilməsi. Qanunsuz da olsa, illər öncə salınmış bu yaşayış məntəqələrinin torpaqlarının təyinatı, kateqoriyası dəyişdirilərsə, vətəndaşlar uzun illər yaşadıqları evlərə mülkiyyət hüququ əldə etməklə öz evlərində qeydiyyata düşə biləcəklər. Alqı-satqı münasibətləri yaranacaq. Bununla da minlərlə tikili dövlət qeydiyyatına alınacaq. Bu da daşınmaz əmlak bazarında ciddi canlanma yarada bilər. Qeydiyyata alınmış tikililər vergiyə cəlb olunacaq. Bu da büdcəmizə xeyir gətirəcək və nəhayət, uzun illər davam edən ciddi bir problemin öz həllini tapması ilə vətəndaş məmnunluğu təmin olunacaqdır. Buna görə də təklif edərdim ki, həmin yaşayış məntəqələri torpaqlarının təyinatının, kateqoriyasının qismən də olsa dəyişdirilməsi üçün müvafiq qanunda, – bu, Torpaq Məcəlləsi və ya digər qanun da ola bilər, – dəyişikliyin edilməsinə yaz sessiyası dövründə baxılsın. Haqlı olaraq deyildiyi kimi, bəzi məsələlər Nazirlər Kabinetinin səlahiyyətindədir. Bu qurum qaldırılan məsələyə mütləq münasibət bildirməlidir. İnanın ki, bu problemin həlli minlərlə ailənin sevincinə səbəb olacaqdır. Xahiş edirəm, nəzərə alasınız. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev buyursun.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən, təbii ki, bu yaz sessiyasındakı planlara baxdım və onları dəstəkləyirəm, həm də səs verəcəyəm. Amma hesab edirəm ki, əhalinin bizdən bir gözləntisi var, bu, xüsusən kreditlərlə bağlıdır və kredit götürən əhali uzun müddətdir, Milli Məclisdən xüsusi bir yanaşma gözləyir. Hökumət nümayəndələri bu məsələlərə müxtəlif cür yanaşırlar. Amma hesab edirəm ki, Milli Məclis yaz sessiyası dönəmində kreditlərlə bağlı müzakirələr apara bilər və burada kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı bir qanun layihəsi qəbul oluna bilər, yaxud da qanunda dəyişiklik ola bilər. Təklif edirəm ki, əhaliyə kömək məqsədi daşıyan belə bir qanun qəbul olunarsa, orada, əsasən, bir neçə məsələyə toxunulsun. Kreditlərin qaytarılması qaydası da xüsusilə göz önündə saxlanılsın.
Qanunda ödəmələr üçün aşağıdakı ardıcıllığın qəbul olunmasını təklif edirəm. Birinci, əsas borcun qaytarılması, ikinci, kredit faizinin, üçüncü, cərimə və peniyaların, sonrakı addımda isə borcun qaytarılması xərclərinin ödənilməsi. Amma indiki halda kredit gecikəndə  ilk növbədə peniya ödənilir, sonra kredit faizi, daha sonra əsas məbləğə görə borc ödənilir. Beləliklə, vətəndaş faiz ödəyir, peniyanı ödəyir, amma daim bankdan asılı vəziyyətdə qalır. Mən təklif edirəm ki, bu qaydanı nəzərə almaqla bir qanun layihəsi tətbiq olunsun və bu, ilk növbədə əsas borcu qaytarmaq imkanı yaratsın. Xarici valyutada ipoteka krediti götürənlərin kreditlərinin manata keçirilməsi mexanizmi də bu qanun layihəsində öz əksini tapa bilər ki, bu da əhali üçün kömək ola bilər.
İkinci bir məsələ. Mən mətbuatda izlədim, yəqin, siz də baxmısınız, fotolar da verildi və məlumat da yayıldı ki, Azərbaycanın işğal olunmuş ərazilərində, yəni Ağdərənin Vəngli kəndində, – indi oranı Kəlbəcərə aid ediblər, – Rusiyanın Unibankının filialı açılıbdır. Belə bir hal, doğrudan, təsdiqini tapırsa, bu məsələ varsa, mən hesab edirəm, bu da müzakirə olunmalıdır, çünki çox ciddi bir haldır. Bununla bərabər, Azərbaycanın Rusiyanın VTB bankında saxlanılan 500 milyonluq səhmləri məsələsi, Azərbaycan Dövlət Neft Fondunun rus rublu şəklində saxlanılan vəsaitləri məsələsi müzakirə mövzusu olmalıdır və vəsaitlərin geri qaytarılması barədə bir ölçü götürülməlidir. Hər halda bu məsələ çox ciddi məsələdir. Bu iki məsələnin yaz sessiyası dönəmində müzakirə olunmasını təklif edirəm. Təbii ki, çox ciddi və əhəmiyyətli təkliflər də var. Yaz dönəmində cənab Sədr də qeyd elədi, çox yaxşı məsələlər var ki, işlənməlidir. Mən cənab Sədr, Sizə də, bütün həmkarlarıma da uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də beşinci çağırış Milli Məclisin doqquzuncu sessiyasının işə başlaması münasibəti ilə sizi təbrik edirəm və işimizdə uğurlar arzulayıram. Burada iki məsələyə toxunuldu, ona görə üstündən ancaq qeyd eləməklə keçmək istəyirəm. Birincisi, Fərəc bəy də dedi, kreditlərlə bağlıdır. Mən də hesab edirəm ki, kreditlərlə bağlı çox ciddi addımlar atmaq lazımdır. Əli Məsimli də bunu  əsaslandırmağa çalışdı.
İkinci məsələ. İnanırıq ki, cənab Prezident əfv fərmanı, əfv sərəncamı verəcək, amma amnistiya Milli Məclisə aiddir. Hər halda  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı amnistiyanın qəbul edilməs çox gözəl olardı, əhatəli bir amnistiyanın verilməsini çox vacib hesab edirəm.
Eyni zamanda, özümün də ayrıca təkliflərim var. Bunlar nədən ibarətdir? Birincisi, təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalı təsis olunsun. Bu olmasa, parlamentimizin 100 illiyi yubiley medalı təsis olunsun. Ancaq çox yaxşı olardı ki,  Azərbaycan Xalq Cümhuriyyətinin özünün 100 illiyi medalı təsis olunsun. Bu  həm o vaxtkı dövlətimizə və dövlət xadimlərimizə sayğıdır, həm də varisliyin qorunması nöqteyi-nəzərindən vacibdir. Biz bilirik ki, misal üçün, hətta iqtisadi cəhətdən çox zəif olan Samanilərin şərəfinə Tacikistanda abidə ucaldılıb. Yaxud deyək ki, bu kimi bir sıra addımlar atılır. Mən hesab edirəm ki, Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı mərkəz kompleksinin yaradılması çox zəruri olardı və bu bir il ərzində  bəlkə bunu başa çatdırmaq mümkün olardı. Burada, eyni zamanda, muzey də ola bilər, məqbərə də ola bilər. Dini xadimlərlə məsləhətləşib dövlət xadimlərimizin nəşinin xaricdən ölkəyə qaytarılması məsələsi də müzakirə oluna bilər. Bu həm də bizim gənclərimizə göstərər ki, Azərbaycan dövləti bir çoxlarının dediyi kimi, köksüz ağac deyildir, çox dərin kökləri olan dövlətçilik ağacı vardır, özü də o, Şərqdə ilk respublikanı yaratmış bir dövlətin varisidir. Mən hesab edirəm, bu çox vacib  və  ciddi əhəmiyyət kəsb etmiş olardı.
Eyni zamanda, bilirik ki, bu il, doğrudan da, 100 illiklər çoxdur. Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi tamam olur,  eyni zamanda, 1918-ci ildə ermənilər və onların havadarları tərəfindən törədilmiş soyqırımının 100 illiyi tamam olur. Mən vaxtilə o vaxtkı Leninqradda Piskaryovo qəbiristanlığında, Volqoqradda Mamayev Kurqanda olmuşdum. Orada daim kədərli musiqilər səsləndirilirdi. Orada muzey mərkəzləri də fəaliyyət göstərir. Biz, ümumiyyətlə, son 200 ildə  öz torpağımızda başımıza gətirilən bu soyqırımlarını, genosidi qeyd etməliyik. Bütün bunları bir komplekslə yad etməyimiz, düşünürəm ki, çox yaxşı olardı.
Eyni zamanda, bir məsələni də, xahiş edərdim, mümkünsə olsun. Buna əvvəl də qısa toxunmuşdum. Sağ olsun dövlətimiz, vaxtilə  qoyulmuş əmanətlər geri qaytarıldı, ancaq bu müəyyən müddətə qədər idi. Müstəqillikdən sonra da dövlətimizə, onun banklarına inanıb əmanət qoyanlar var idi. Bu o qədər böyük məbləğ deyil, bu əmanətləri əmsallaşdırıb geri qaytarmaq mümkündür. Hesab edirəm, bunun haqqında da bir qərar vermək yaxşı olardı. Ümumiyyətlə,  iş planındakı qanun layihələrinin aktuallığı, doğrudan da, mühümdür, mən bunu təqdir edirəm və hesab edirəm ki, iş planı bu cür qəbul olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım, media nümayəndələri! Doğrudan da, bu gün  2018-ci il yaz sessiyasının qanunvericilik işləri planında ciddi qanunlar nəzərdə tutulub. Bunlar xalqımızın həyatı üçün əhəmiyyətli qanunlardır. Mən bunu dəstəkləyəcəyəm və əlavə olaraq təklif etmək istəyirəm ki, biz yaz sessiyasında  əvvəllər qəbul etdiyimiz qanunların icrası ilə bağlı məsələləri də zaman-zaman gündəmə gətirməliyik və müvafiq hakimiyyət orqanlarından hesabat tələb etməliyik ki, bu qəbul etdiyimiz qanunlar niyə icra olunmur. Bunlardan biri “Təhsil haqqında” Qanundur. Keçən il yaz sessiyasında universitetlərdə hazırlıq kursları ilə əlaqədar məsələ qaldırmışdıq. O zaman söylənildi ki, zaman azdır, yeni dərs ilinin başlanılmasına az qalır. Ona görə də bu hazırlıq kurslarını çatdıra bilmərik. Amma keçən dövr ərzində Təhsil Nazirliyi tərəfindən bütün müvafiq qərarlar qəbul olunub, bütün müvafiq addımlar atılıb. Sadəcə, məsələ Nazirlər Kabinetində ilişib qalıb. İndi də yeni dərs ilinin  başlanmasına çox az bir vaxt qalıb. Aprel ayında artıq qəbul imtahanları keçiriləcək, amma hələ də bu barədə müvafiq bir qərar yoxdur və sözsüz ki, bu da insanları narahat edir. Xeyli insan məndən soruşur ki, hazırlıq kursları bu il olacaq, yoxsa olmayacaq? Halbuki qanun qüvvədədir və onu müvafiq icra hakimiyyəti orqanları, sadəcə, icra etməlidirlər.
İkinci bir mühüm məsələ. Oqtay müəllim, bu, hər zaman bizim burada qaldırdığımız bir məsələdir, yən vəkillər və vəkillik fəaliyyəti ilə bağlı olan məsələdir. Mən əvvəllər də söyləmişdim ki, Azərbaycanda hər 100 min nəfərə düşən vəkillərin sayına görə ölkəmiz Avropada ən sonuncu yerdə gedir. Yəni bizdə hər 100 min nəfərə 8 vəkil düşür. Bizdən sonra Bosniya və Herseqovina gəlir ki,  vəkillərin sayı bizdən 4 dəfədən də  çoxdur. Orada 100 min nəfərə 34 vəkil düşür. Avropanın inkişaf etmiş ölkələri ilə müqayisədə isə hər 100 min nəfərə düşən vəkillərin sayı  bizdən 40–45 dəfə çoxdur. Yəni söhbət 300-dən yuxarı vəkildən gedir. Bizdə, dediyim kimi, 8 nəfərdir. Ayın 28-də biz bilirik ki, vəkillik ilə əlaqədar olaraq imtahan keçirildi. 2000-ə qədər  insan müraciət etmişdi. Çox təəssüf ki, onlardan cəmi 600 nəfəri müvafiq bal toplaya bildi. İmtahandan öncə hörmətli Əli müəllim, mən və Çingiz Qənizadə Vəkillər Kollegiyasında olduq. Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov kifayət qədər mütərəqqi bir insandır. O, görüləcək işlər barədə məlumat verdi və biz də narahatçılığımızı bildirdik ki, bu insanlardan nə qədəri keçə bilər. O söylədi ki, suallar qismən sadələşdirilib. Amma buna baxmayaraq,  çox az sayda insan imtahandan keçə bilib.
Ona görə mən nə təklif edirəm? İlk öncə biz yaz sessiyasında vəkillər və vəkillik fəaliyyəti haqqında yeni qanun qəbul etməliyik. Həm də qanunverici orqan kim ölkədəki bu durum bizi də narahat etməlidir və biz tövsiyə etməliyik ki, bu keçid balını 60-dan 50-ə endirsinlər. 50-ə endirsələr, xeyli sayda vəkil üzv ola bilər və Vəkillər Kollegiyasının Rəyasət Heyəti onlar üçün sonradan tədris kursları təşkil edə bilər. Düşünürəm ki, bu mümkündür. Bundan başqa, orada Anar müəllim  sədr təyin olunandan sonra ciddi bir araşdırma aparıb və bu institutun nüfuzunun qaldırılması ilə əlaqədar olaraq bizə çox mütərəqqi təkliflər verib. Orada bizim diqqətimizə çatdırıldı ki, ölkə Prezidentinin vəkillər üçün yeni bina ayrılması ilə əlaqədar  xüsusi sərəncamı var. Amma çox təəssüf ki, illər keçir, amma Prezidentin bu sərəncamı hələ də icra olunmur, yəni Vəkillər Kollegiyası üçün yeni bina ayrılmır.
Oqtay müəllim, mən Sizə tam səmimiyyətlə deyirəm, hər hansı bir xarici qonaq gəlib o binaya girsə, dərhal bəlli olacaq ki,  ölkədə bu institutun nüfuzu nədən ibarətdir. Birinci mərtəbədə yerləşir, uzun illər təmirsiz qalıb. Yəni təmir olunsa da, orada nə isə yaxşı bir şey yaratmaq mümkün deyil. Binanın quruluşu elədir ki, oradakı  otaqlar bəs etmir. Cəmi bir neçə  otaq var, özü də çox pis vəziyyətdədir. Ona görə də düşünürəm ki,  Prezidentin sərəncamı icra olunmalıdır, normal bina ayrılmalıdır və vəkilliyin nüfuzu qaldırılmalıdır. Bizim elə rayonlar var ki, – mən bu məsələni əvvəllər də qaldırmışam, indi hökumətin hesabatında  bir daha qaldıracağam, – cəmi bir hakim var, vəkil, ümumiyyətlə,  yoxdur. Yəni bu hakim, tutaq ki, məzuniyyətə gedəndə həmin rayonda onu əvəz edəcək adam yoxdur. Yaxud  elə rayon var, bir nəfər olsun vəkil yoxdur. Bunlar haradan gedib vəkil tutacaqlar? Yəni bu vətəndaş hüquqları hər birimizi ciddi şəkildə düşündürməli, narahat etməlidir. Biz elə etməliyik ki, hər rayonda ən aşağısı  3 dənə hakim olsun, ən aşağısı  4–5 dənə vəkil olsun. Bunun üçün də burada yenə də deyirəm, müraciət edənlərin hamısı vəkilliyə qəbul olunsaydı belə, yenə də biz orta Avropa göstəricisindən 20 dəfə  geri qalmış olacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır. Yoxsa bu 60 bal, düşünürəm ki, yüksək baldır.
Başqa bir məsələ. Oqtay müəllim,  ola bilsin ki, bizim bəzi deputat həmkarlarımız söhbət zamanı deyirlər, amma  rəsmi iclaslarda bu məsələni qaldırmağı zəruri hesab etmirlər,  hər halda mən bunu zəruri hesab edərək düşünürəm ki, sərnişindaşımalarında,  hava limanında,  dəmir yolu vağzalında VİP salonlar ki var, buradakı xidmətlə bağlı Milli Məclisin özü ayrıca bir qanun qəbul etməlidir. Yəni bu, ayrı-ayrı məmurların  ixtiyarına verilməməlidir və millət vəkillərinə, düşünürəm ki, kifayət qədər hörmət nümayiş etdirilməlidir. Bəzi millət vəkilləri ailə üzvlərini belə gedib orada qarşılaya bilmirlər, yola sala bilmirlər, mütləq gərək sən özün də onlarla bərabər hara isə gedəsən ki,  bu xidmətdən istifadə edə biləsən.
Bundan başqa, misal üçün, biz bilirik ki, ölkə Prezidentinin sərəncamı ilə ayrı-ayrı insanlar ölkə, dövlət qarşısında xidmətlərinə görə yüksək orden və medallarla təltif olunurlar. Milli qəhrəmanlar, əmək qəhrəmanları haqqında biz qanun qəbul etdik. Ən azından bu “İstiqlal” ordeni, “Heydər Əliyev” ordeni almış şəxslərin də VİP xidmətlərindən istifadə etmək hüququ vardır. Bəzi ölkələrdə hətta biz bilirik ki, millət vəkillər növbəti dəfə seçilməsələr  belə, onların diplomatik pasportları saxlanılır və onlar ömürlərinin sonuna qədər o xidmətdən istifadə edə bilirlər. Məncə, bizim nazirlər və deputatlar üçün də bu hüquq tanınmalıdır. Yəni bir insan  bir ölkədə nazir olubsa, millət vəkili olubsa, düşünürəm ki, o insana xüsusi diqqət,  hörmət olmalıdır. Mən istəyərdim ki, bu məsələlərlə bağlı  biz bu yaz sessiyasında müvafiq qərarlar qəbul edək.
Sonda, Oqtay müəllim, deputat həmkarımız Siyavuş Novruzov burada məsələ qaldırdı, mən də düşünürəm ki, doğrudan da, biz amnistiya haqqında belə bir qərar qəbul edə bilərik. Yən bu il  yubileylər ilidir,  mərhum Prezident Heydər Əliyevin 95 illiyidir, mərhum Prezident Əbülfəz Elçibəyin 80 illiyidir, cümhuriyyətin 100 illiyidir. Ona görə də düşünürəm ki, belə bir amnistiya aktını qəbul etsək, xeyli sayda insanı sevindirmiş olarıq. Əlbəttə, mən o fikirlə razı deyiləm ki, amnistiya hamıya şamil olunmalıdır. Dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla digər şəxslərə amnistiya tətbiq oluna bilər. Digər ağır cinayət törətmiş  şəxslərin  cəzaları 1 il, 6 ay  yüngülləşdirilə bilər. 1–2 ili qalmış şəxslər azad oluna bilər və  sair. Düşünürəm ki,  biz  amnistiya haqqında hərtərəfli qərar qəbul edə bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim nə isə demək istəyir, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım, Qüdrət müəllim  burada vəkillik institutu  və  hakimlərin azlığı ilə bağlı məsələ qaldırdı. Qüdrət müəllim, əgər yadınızdadırsa, biz keçən il “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklər elədik. Tək hakim olan rayonlarda əgər hakim məzuniyyətə gedirsə, artıq Məhkəmə-Hüquq Şurası həmin rayonlara hakimlər ezam edə bilir. Onun belə bir səlahiyyəti var. Orada bir problem yoxdur. Amma buna baxmayaraq, ümumiyyətlə, hakimlərin sayı ilə bağlı, əlbəttə,  problem var. Bu istiqamətdə işlər gedir. O ki qaldı vəkillik institutu ilə bağlı, mən də Sizinlə razıyam, Avropa  göstəricilərindən  xeyli aşağıdayıq. Amma  gəlin, belə razılaşaq. Biz 60 baldan bunu 50 bala endirsək, mən əminəm ki, Qüdrət müəllim, sabah deyəcəklər ki, 50 balı 40-a endirin. Biz  Konstitusiyamızda yazmışıq ki, əhalimizə, xalqımıza keyfiyyətli yardım göstərməliyik. Bu keyfiyyətli yardım göstərən hüquqşünas 60 balı toplaya bilmirsə,  bağışlayın məni, bir az qeyri-ciddi məsələdir. 60 balı toplamaq o qədər də çətin məsələ deyil. Sadəcə, oturub bir az məşğul olmaq lazımdır ki, sabah bu vətəndaşa, bu insana  normal hüquqi yardım göstərə biləsən. Amma buna baxmayaraq, yenə deyirəm, bu sahədə işlər gedir. Bu,  dövlətin nəzarətindədir. Hesab edirəm ki, bu sahədə yaxın vaxtlarda ciddi irəliləyişlər olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Mən də hamını yaz sessiyasının başlanması münasibəti ilə təbrik edir,  sessiyanın işinə uğurlar arzulayıram. Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı kifayət qədər zəngindir. Düşünürəm ki,  plandakı hər məsələ olduqca önəmlidir. Mən də  bir təkliflə çıxış etmək istəyirəm.
Bilirik ki, Azərbaycanda medianın özünüidarəetmə orqanı kimi Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərir. Bunun əsas missiyası media ilə münasibətlərin araşdırılmasından ibarətdir. İl ərzində  şuraya təxminən 400–450 şikayət daxil olur. Bununla bağlı çıxarılan qərarlar ictima qınağa əsaslanır, orada heç bir hüquqi məsuliyyət  hissi nəzərdə tutulmur.  Əlbəttə, bu, bir tərəfdən çox yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır. Mətbuat Şurası yaranmazdan öncə kütləvi informasiya vasitələrindən çoxsaylı şikayətlərə məhkəmələrdə baxılırdı. Bu, məhkəmələrə əlavə yük idi. Üstəlik, media orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Mətbuat Şurası bunun qarşısını  aldı.
Hörmətli deputatlar, fəxarətlə demək olar ki, bu gün Azərbaycan mediası  peşəkar mediadır. Bizim elə hazırlıqlı jurnalistlərimiz var ki, dünyanın istənilən media qurumunda bərabər səviyyədə çalışa bilərlər. Üstəlik, mediamız vətənpərvərdir, millidir, milli maraqlar naminə siyasi yönlərindən asılı olmayaraq vahid mövqedə birləşə bilirlər. Dövlətimiz mediamızın inkişafı, jurnalistlərimizin sosial problemlərinin həlli üçün hər şey edir. Bir neçə gün əvvəl  KİV əməkdaşları üçün tikilmiş ikinci binada yaşayacaq jurnalistlərə  açarlar təqdim olundu.  Üçüncü binanın da əsası qoyulubdur. Fürsətdən istifadə edib Azərbaycan jurnalistləri adından cənab Prezidentə öz təşəkkürlərimizi çatdırırıq.
Hörmətli cənab Sədr, hazırda kütləvi informasiya vasitələrimiz müstəvisində özünü media kimi təqdim etməyə çalışan, amma heç bir qanunun peşə davranış qaydalarının tələblərinə məhəl qoymayan, bir sözlə, reketçiliklə məşğul olan “media vasitələrimiz” də az deyil. İnternetin verdiyi imkanlardan yararlanaraq saylarını, qazanc yollarını daha da təkmilləşdirirlər. Çox təəssüf ki, kimlərdənsə bu və ya digər formada dəstək də alırlar. Açıq deyirəm, onların məqsədi heç bir əsas olmadan ayrı-ayrı vətəndaşlara, ziyalılara, iş adamlarına, məmurlara böhtan ataraq, qorxudaraq  müqabilində madd baxımdan nələrəsə nail olmaqdır. Bu hal geniş yayılıb və təəssüflə bildirirəm ki, hüquq mühafizə orqanlarının da baş verənlərdən xəbərləri var. Ancaq Mətbuat Şurası təşkilati-hüquqi forma baxımından ictimai təşkilatdır. Bir çox hallarda  ictima qınaq müstəvisində fəaliyyət  yetərsiz təsir bağışlayır. Buna görə də Mətbuat Şurasının hüquqi statusuna yenidən nəzər salınmasını təklif edərdim. Belə düşünürəm ki, şuranın hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, həm ictimaiyyətin, həm də medianın maraqlarını daha yaxşı balanslaşdıra, uzlaşdıra bilərik. İctimaiyyət reket yönümlü mediadan  narazıdır və istəyir ki, media məkanında sui-istifadələr olmasın. Media özü də maraqlıdır ki, onun adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri görülsün, media nüfuzuna xələl gətirən  ünsürlərdən azad olsun.  
Üçüncü bir məsələ də var. Biz, ümumən, media azadlığı məsələsini mütləq qaydada nəzərə almalıyıq. Elə həssas yanaşmalıyıq ki, həm azadlıq məhdudlaşdırılmasın, həm də azadlığın məhdudlaşdırılmasına dair hansısa şübhələr yaranmasın. Bunun yolu isə Mətbuat Şurasının fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir. Əgər şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, nəyə görə tənbeh kimi peşə prinsiplərinə əməl etməyən reketyönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə öz rəyini çıxarmasın.
Hörmətli cənab Sədr, sonda bir məsələyə də toxunmaq istəyirəm. Əlamətdar haldır ki, bu il cənab  Prezidentin sərəncamı ilə cümhuriyyət ili elan olunub. Bununla bağlı çoxsaylı tədbirlərin həyata keçirilməsi gözlənilir. Azərbaycan Xalq Cümhuriyyət 2 il müddətində bir çox sahələrə olduğu kimi, mediaya da böyük diqqət ayırmışdı. Xalq Cümhuriyyətinin mövcud istiqamətdə məqsədlərindən biri də Azərbaycanda, onun paytaxtında nəşriyyat evinin tikilməsi idi. Lakin bu işin həyata keçirilməsi mümkün olmadı. Həmin ideya ötən əsrin 30-cu illərində reallaşdı. 1933-cü ildə Bakıda “Mətbuat sarayı” deyilən bina istifadəyə verildi. Həmin bina indiki Azərbaycan prospektində yerləşir. Onu da deyim ki, bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınıb. Uzun müddət orada “Azərnəşr” fəaliyyət göstərdi. Bu bina 1995-ci ildə “Bank Standart”a baş ofis kimi verildi. Binanın özəllikləri kifayət qədərdir. Diqqət yetirmisinizsə, kitab şəklindədir. Daxili strukturunda isə hər detal sırf nəşriyyata, çap işinin  həyata keçirilməsinə hesablanıb. İnşaat materiallarının seçilməsindən tutmuş otaqların havalandırılmasınadək, hətta işçilər üçün şəraitə qədər ən kiçik detal da nəzərə alınıb. Bununla əlaqədar sənədlərlə də  şəxsən tanış olmuşam. Təklifim bundan ibarətdir ki, “Mətbuat sarayı” adı ilə inşa edilmiş həmin bina keçmiş sahiblərinə qaytarılsın və çox yaxşı olardı ki, həmin binada mətbuat muzeyi yaradılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media təmsilçiləri! Cənab Sədr, mən Sizi də, həmkarlarımı da yaz sessiyasının başlanması münasibəti ilə  təbrik edirəm və 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planını dəstəklədiyimi bildirirəm. Bəzi məsələlərə toxunmaq istəyirəm. İlk öncə onu bildirmək istəyirəm ki, cənab Prezidentin cümhuriyyətimizin 100-cü ildönümü ilə bağlı qərarı bütün cəmiyyətimizdə yüksək səviyyədə qəbul olunur. Sadəcə, Azərbaycan cəmiyyəti ilə deyil, cümhuriyyət qurucularının bəzilərinin ailələri ilə də danışırıq. Onlar da bu qərarı çox yüksək səviyyədə qəbul edirlər və bu tədbirlərdə böyük məmnuniyyətlə iştirak etmək istədiklərini bildirirlər. İnanırıq ki, həm cümhuriyyətimizin, həm də parlamentimizin 100-cü ildönümü ilə bağlı tədbirlərə Azərbaycan hüdudlarından kənarda olan bütün xalq cümhuriyyəti qurucularının ailələlərindən  olan insanlar dəvət olunacaq və yüksək səviyyədə iştirak edəcəklər.
Mən bu istiqamətdə, sadəcə, 2 məsələn vurğulamaq istəyirəm. Cənab Prezidentimizin və Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən cümhuriyyət qurucularımızdan olan Əlimərdan bəy Topçubaşovun,   Ceyhun bəy Hacıbəylinin Fransada, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin Tiflisdə məzarüstü abidələrində çox yüksək səviyyədə bərpa və təmir işləri görüldü. Onlara layiq olduqları yanaşma ortaya qoyuldu. Bu gün minlərlə insan onları ziyarət edir. Cümhuriyyət qurucularımızın böyük əksəriyyətinin qəbri bizim qardaş Türkiyədədir. Bir neçə gün bundan öncə Türkiyə Böyük Millət Məclisindən Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan bəyin rəhbərliyi ilə nümayəndə heyəti Bakıya gəlmişdi. Bizim komitənin sədri hörmətli Səməd  müəllimin rəhbərliyi ilə görüş oldu. Biz müzakirələr çərçivəsində  bu məsələni də diqqətə çatdırdıq. Çox yaxşı olardı ki, bizim müvafiq qurumlarımız Türkiyənin müvafiq qurumları ilə danışaraq məzarüstü abidələrin yüksək səviyyədə düzəldilməsi məsələsini həll etsinlər. Orada Əhməd Ağaoğlunun, Xəlil bəy Xasməmmədovun, Xosrov bəy Sultanovun, Nağı bəy Şeyxzamanlının, Hüseyn xan Xoyskinin, Cavanşir xan Behbudovun, Ankarada Məmməd Əmin Rəsulzadənin, daha çox isim saya bilərik, məzarı var. Çox ehtiyac var ki, o qəbirüstü abidələr yüksək səviyyədə düzəldilsin. O məzarlıqlarda lövhələr qoyulsun ki, bu şəxsiyyətlər kimdir və orada Azərbaycan Xalq Cümhuriyyəti, yəni bütün müsəlman Şərqində ilk qurulan ilk parlamentli demokratik cümhuriyyətlə bağlı məlumatlar verilsin. Bu məsələnin gündəmdə saxlanılması çox yaxşı olar. Köhnə “26-lar” bağının (indi “Sahil” bağı olub)  cümhuriyyətimizlə çox əlaqəsi var. Bəzi ziyalılarımızın, millət vəkillərinin, həmkarlarımızın  təklifləri var ki,  o bağın adı cümhuriyyətimizin 100-cü ildönümündə “Cümhuriyyət” bağı kimi elan edilsin.
Digər bir məsələ. Biz bu il fəxr duyduğumuz hadisə ilə  bərabər çox  böyük bir acımızın da 100-cü ildönümünü  qeyd edəcəyik. Bu il azərbaycanlılarımıza, dinc insanlarımıza qarşı 1918-ci ildə erməni daşnaklarının terror silahlı birləşmələri tərəfindən  törədilmiş soyqırımın da 100-cü ildönümüdür, yəni martın 31-i gəlir. Düşünürük ki, bu istiqamətdə də beynəlxalq ictimaiyyətə daha geniş şəkildə bu bilgilərin  verilməsi üçün beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və parlamentimizin bu soyqırımının 100-cü ildönümü ilə bağlı dünya ictimaiyyətinə bəyanat qəbul etməsi çox önəmli bir hadisə olardı, çünki bu çox vacib bir məsələdir.
Eyni zamanda, Xocalı soyqırımının ildönümü gəlir. Mən bir məsələni vurğulamaq istəyirəm. 20 yanvar hadisələrinin ildönümündən bir gün əvvəl biz Şəhidlər Xiyabanındaydıq. Baxdıq ki, çoxlu turist var. Gəlirlər, ziyarət edirlər. Amma çox təəssüf ki, Şəhidlər Xiyabanında xarici turistlərin məlumat ala bilməsi üçün xarici dillərdə lövhələr yoxdur. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı hansısa bir lövhə, hansısa bir abidə də yoxdur. Bu məsələ çox vacibdir.  Bakı Şəhər İcra Hakimiyyəti üçün  bunu təşkil etmək çətin məsələ deyil. Məsələn, ən vacib xarici dillər  ki, dünyada daha çox yayılıb, o xarici dillərdə orada bir bələdçi məntəqəsinin olması  xarici turistlər, qonaqlar  üçün yaxşı olardı. Yəni dövlət protokolundan kənar insanlar gəlib oranı ziyarət edəndə onlara xarici dillərdə  məlumat verər və broşür təqdim edərdilər. Ona görə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumlarına səslənirik ki, bu məsələyə diqqət yetirsinlər.
İki məsələni də təklif edərək sözümü bitirmək istəyirəm. Biz Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal edilmiş ərazilərində iqtisadi fəaliyyətə dair hesabatını oxuduğumuz zaman arzuolunmaz şəxs elan edilmiş insanların siyahısına baxdığımızda  görürük ki,  Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərinə  siyasətçilərin,  turistlərin,  biznes dairələrinin cəlb edilməsi işini səylə həyata keçirir. Biz bu səfərləri həmişə qınayırıq. Çox təəssüf ki, o səfər edənlərin çoxu ATƏT-in Minsk qrupunun üzv ölkələridir və həmsədr ölkələrdir. O üzdən yaxşı olardı ki,  parlamentimizdə Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qanun layihəsi müzakirə edilsin, daha sərt mexanizmlərə əl ata bilək. Yəni Xarici İşlər Nazirliyimizin tətbiq etdiyi mexanizmlərdən kənar daha nələri edə bilərik ki, bu proseslərin qarşısı alınsın. Biz Ermənistanın qeyri-qanuni əməllərinə qarşı daha səmərəli mübarizə aparmalıyıq ki, həm siyasətçilərin və turistlərin səfərlərinin, həm də işğal edilmiş ərazilərdə iqtisadi fəaliyyətin qarşısını ala bilək.
Sonda mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Yaxın günlərdə biz bir beynəlxalq tədbir çərçivəsində dəvətlə İraqda səfərdə olduq. Səfər çərçivəsində bizim səfirliyimizi də ziyarət etdik. Məlum oldu ki, İraqda  müxtəlif dövlətlərdən, millətlərdən yetim qalan uşaqların saxlanıldığı bir yetimxana var. Oranı ziyarət etdik və azərbaycanlı yetim uşaqları gördük. Bu uşaqların ataları və anaları İŞİD terror təşkilatı tərəfindən beyinləri yuyularaq, şirnikləndirilərək oraya aparılmışlar. Onların beyinləri o qədər yuyulub ki, insanlar öz övladlarını, körpə uşaqlarını atəşin, alovun, cəhənnəmin içərisinə aparıblar. İraq dövlətinin terrorla mübarizəsində  o valideynlər həyatlarını itiriblər, yəni öldürülüblər, uşaqlar da orada yetim  qalıblar. Müxtəlif dövlətlər öz uşaqlarını götürüblər, sahibləniblər. Bizim dövlətimiz də o uşaqlara sahiblənmə ilə bağlı, təbii ki, işlər görür, çünki bu uşaqlar günahsızdırlar və dövlətimiz onların yanlış yollara düşməmələri üçün həmin uşaqlara sahiblənəcək. Onların valideynləri terror təşkilatları tərkibində cihad adı ilə döyüşüblər. Bizim isə cihad üçün bir yerimiz var, o da işğal altında olan torpaqlarımızdır, Qarabağdır. Amma çox təəssüf ki, gəlib bizim insanlarımızın beynini yuyur, İraqa aparırlar. Ona görə də biz qanunvericilikdə dəyişiklik etdik. Terror təşkilatlarında döyüşənlər Azərbaycana dönərlərsə, qanunvericiliklə çox sərt cəzalandırılacaqlar. Amma bir məsələyə baxmalıyıq ki, bu insanlar artıq  oraya getdikdən sonra həyatlarını itirirlər.  Din pərdəsi adı altında bu insanların  beynini yuyanlara qarşı, onları oraya aparanlara qarşı mübarizəmizi sərtləşdirməliyik.
Sonda qeyd etmək istəyirəm ki, biz orada, Təlafərdə soydaşlarımızla  görüşdük.  Orada  terrordan çox acılar,  əziyyətlər çəkiblər. Onlar  bütün türk dünyasına müraciət edirlər ki, Təlafərin yenidən bərpa olunmasına kömək etsinlər. Biz köçkünlük həyatını yaşamışıq. Bilirik ki, köçkünlük nədir. Onlar bizim soydaşlarımızdır. Orada məktəblərin və xəstəxanaların tikintisinə türk dövlətləri, xalqları  dəstək olmalıdırlar. İnanıram ki,  ölkəmizdəki müvafiq qurumlar, imkanlı şəxslər, biznes dairələri bu istiqamətdə olan çağırışları duyub Azərbaycan adına  oradakı soydaşlarımıza dəstək istiqamətində addımlar atacaqlar. Mən bu çağırışı da səsləndirmək istədim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə xanım, mən Sizə aid etmək istəmirəm. Ancaq 1 saat 15 dəqiqədir, gündəliyin birinci məsələsini müzakirə edirik. Deyildi ki, müzakirə etməyəcəyik.  Dedim, çıxış vaxtı qısaca fikrinizi deyərsiniz. İndi gündəlikdən 1 dəqiqə danışıldı, müzakirədən 9 dəqiqə danışıldı. Belə də olmaz. Heç olmasa, gündəliyə aid məsələlərdən danışaq, siyahı  yavaş-yavaş artır. Nəsib müəllim, sənə də söz verməyəcəyəm, çünki sonradan yazıldın. Rövşən Rzayev çıxış etsin, bununla qurtaraq. Xahiş edirəm, gündəlikdən danışaq deyiriksə, gündəlikdən danışaq. Burada hər məsələni qaldırırıq, gündəlik də kənarda qalır. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Təbii ki, qanunvericilik işləri planı haqqında mənim təkliflərim olacaq. Amma ondan qabaq mən Ermənistanın işğalçı siyasətinin davamı ilə bağlı öz fikrimi sizə çatdıraraq  sizlərdən  dəstək istəyirəm. Ona görə bununla bağlı sizin vaxtınızı 1 dəqiqə alacağam.
Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqları bu günə qədər işğal altındadır. Amma biz bu yaxınlarda Strasburqda sessiyada olanda orada səsləndi ki, demokratik Dağlıq Qarabağ icmasının 30 illik hərəkatına  başlamaq istəyirlər. Mən  Dağlıq Qarabağın azərbaycanlı icması adından xahiş edərdim ki, biz Milli Məclis tərəfindən Minsk qrupunun  həmsədr dövlətlərinə müraciət edək. Bilirsiniz ki, orada Ermənistan və Azərbaycanla bərabər 11 dövlət var. Hər birinə müraciət edək ki, Azərbaycana qarşı ikili standartlardan,  təxribatçı işlərdən əl çəksinlər. Bunların qarşısı alınsın. Biz bildirməliyik ki, məhz bu separatçı hərəkatın başlanması ilə bağlı  həm Xocavəndin Qaradağlı kəndinin soyqırımını,  həm də Xocalı soyqırımını yaşamışıq. Mən sizi bunların hamısını çatdırıb, onların yalançı siyasətinin qarşısını almaqdan ötrü irəli bir addım atmağa  dəvət edərdim. İstərdim ki, biz, ümumiyyətlə, işğal siyasəti ilə bağlı bir qanun layihəsi işləyək.
Oqtay müəllim, bir daha Sizə müraciətlə  təklif edərdim ki, biz bir daha  mümkündürsə, azyaşlılarla bağlı  bizim komitə tərəfindən vaxtilə  işlənilmiş layihəni plana salaq. Siz plana salmış olsa idiniz, bu barədə mövqeyimizi bir daha səsləndirə bilərdik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib müəllim, xahiş edirəm, çox qısa. Buyur.
N.Məhəməliyev. Çox sağ olun, Oqtay müəllim. Mən, sadəcə, bircə kəlmə ilə bir məsələyə münasibət bildirmək istəyirəm. Bu yaxınlarda Rusiya Dövlət Dumasının deputatları Azərbaycana  gəlmişdilər. Görüş zamanı biz Hitlerin silahdaşı general Nijdeyə Yerevanda abidə qoyulması ilə bağlı  məsələ qaldırdıq. Təbii ki, Rusiya nümayəndə heyəti buna çox soyuqqanlı  bir reaksiya verdi. Ancaq mən indi başqa bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu yaxınlarda mənə zəng elədilər. Ötən il Moskvada belə bir ensiklopedik kitab buraxıblar: “Страны мира”. Bu ensiklopedik kitabda Azərbaycan Respublikasından sonra, 9-cu səhifədə “Нагорнo-ÐšÐ°Ñ€Ð°Ð±Ð°Ñ…ÑÐºÐ°Ñ Ð ÐµÑÐ¿ÑƒÐ±Ð»Ð¸ÐºÐ° Арцах” göstərilib. Belə bir dövlət, təbii ki, dünya birliyi tərəfindən tanınmır. Heç bir təşkilatın da üzvü deyil. Bu, hesab edirəm ki, bizim Rusiya ilə münasibətlərimizə, onun ruhuna ziddir. Biz buna ya Xarici İşlər Nazirliyinin, ya parlamentlərarası dostluq qrupunun, ya da bizim Rusiyadakı səfirliyimizin xətti ilə çox kəskin etirazımızı bildirməliyik. Əgər biz bu gün buna etirazımızı bildirməsək,  təbii ki, bizim susmağımız bir növ belə bir vəziyyət ilə razılaşmağımız anlamına gələ bilər. Ona görə mən təklif edirəm ki,  biz bununla bağlı Rusiyaya ciddi iradımızı bildirək. Təşəkkür edirəm. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 3-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqındadır. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Mən də həmkarlarımın  sözlərinə qoşularaq yaz sessiyası ilə əlaqədar olaraq Sizi, bütün millət vəkillərimizi, aparat işçilərini ürəkdən təbrik edirəm, uğurlar arzulayıram. Qanun layihəsi komitəmizdə ənənəvi olan qanun layihələrindəndir. Hətta Litva Respublikası ilə biz artıq diplomatik pasportlar məsələsini həll etmişik. İndi isə bir addım da irəli gedərək xidməti pasportlar ilə bağlı məsələni gündəmə gətiririk. Avropa Birliyinə daxil olan bu ölkə ilə bu cür münasibətləri təşkil etmək, təbii, Azərbaycanın marağında olan məsələdir. Komitəmiz yekdilliklə bu qanun layihəsinə öz müsbət fikrini bildirib. Mən də həmkarlarımdan buna müsbət səs verməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 5-ci məsələsi “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Oqtay müəllim. Mən də hörmətli deputat həmkarlarımı yaz sessiyasının başlanması münasibəti ilə təbrik edirəm və hər bir deputat həmkarıma bu sessiya dövründə uğurlar diləyirəm. Möhtərəm Prezidentimizin imzası ilə gələn 4 layihədən biri bizim “Sosial sığorta haqqında” Qanuna edilən dəyişiklikdir. Bu, əslində, 2017-ci il 13 iyun tarixində möhtərəm Prezidentimiz tərəfindən imzalanmış “Nağdsız hesablaşmalar haqqında” Qanunla bağlı edilən dəyişiklikdir. “Sosial sığorta haqqında” Qanunun 17-ci maddəsinə belə bir düzəliş edilir: “Bu qanunun 6-cı maddəsində nəzərdə tutulan sosial sığorta ödəmələri sığortaolunanlara yalnız nağdsız qaydada bilavasitə sığortaçı tərəfindən,  əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. Məsələnin deyilişi, maddənin oxunuşu onu göstərir ki, bu, hansı məqsədlərə xidmət edir. Hesab edirəm ki, biz buna  texniki düzəliş olduğu baxımından səs verə bilərik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 6-cı məsələ “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bu məsələ də eyni qəbildəndir. Hadi müəllim məruzə etdiyi kimidir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanuna etdiyimiz dəyişikliyə uyğunlaşdırmaq xarakteri daşıyır. Yəni nağdsız hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Əlbəttə, bu, texniki xarakterli dəyişiklikdir. Amma Oqtay müəllim, bir məsələyə bu norma ilə bağlı münasibət bildirməyi zəruri hesab edirəm. Biz, adətən, hətta texniki xarakterli olmuş olsa  belə, hansısa bir normaya dəyişiklik ediriksə, o normaya yenidən bir nəzər yetirməliyik ki, əgər bu norma ilə bağlı dəyişiklik varsa, daha nələri dəyişmək olar. Məsələn, burada “Müdafiə olunan şəxs barəsində sosial müdafiə tədbirlərinin tətbiq edilməsi” maddəsində göstərilir ki, cinayət işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək edən şəxs öldürülərsə, yəni dövlət onun müdafiəsini təmin edə bilmirsə və o şəxs öldürülürsə, baxmayaraq ki, o dövlətin müdafiəsi altındadır, ona birdəfəlik yüz on manat miqdarında müavinət ödənilir.
Amma bunun  arxasınca “Terrora qarşı mübarizə haqqında” Qanuna da dəyişiklik edəcəyik. Orada da qeyd olunur ki, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs öldürülürsə, ona orta aylıq əmək haqqının yüz misli miqdarında  birdəfəlik müavinət ödənilir. Orta aylıq əmək haqqı bu gün Azərbaycanda təqribən beş yüz manatdır. Belə çıxır ki, terrorçuluğa qarşı mübarizə aparan şəxs öldürülürsə, ona əlli min manat birdəfəlik rüsum ödənilir. Amma tutaq ki, hər hansı bir cinayətin üstünün açılmasına kömək etmiş əsas şahidə, yaxud cinayət haqqında məlumat vermiş şəxsə isə cəmi yüz on manat. Həmin şəxs orada cinayətkarlığa qarşı mübarizədə xəsarət alırsa, ona əlli beş manat verilir. Demək, terrorçuluğa qarşı mübarizədə orta aylıq əmək haqqının doxsan misli ödənilir. Bu, kifayət qədər ədalətsiz yanaşmadır.
Əslində, cinayətkarlığa qarşı mübarizə həm də elə terrorçuluğa qarşı mübarizədir. Hər hansı bir cinayətin istintaqını aparan orqan tərəfindən müdafiə olunan şəxs istintaq orqanına elə terrorçuluq haqqında da məlumat verə bilər ki, terror hadisəsi hazırlanır, yaxud da hansısa terrorçu barədə məlumat verir və dövlət onu müdafiəyə götürür, amma sonda o şəxs öldürülür. O elə terrorçuluğa qarşı mübarizədə ölür də. Ona görə mən burada bir məntiq görmürəm. Hesab edirəm ki, Oqtay müəllim, biz həmin məsələyə indi olmasa da, sonradan qayıdıb mütləq bu ədalətsiz yanaşmanı aradan qaldırmalıyıq. Eyni ilə “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanunda da qeyd eləməliyik ki, həmin şəxslər öldürülərsə, ən azı, onlara da orta aylıq əmək haqqının yüz misli miqdarında birdəfəlik müavinət ödənilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
7-ci məsələ “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir.  Ziyafət müəllim buyursun.

Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, artıq qeyd olunduğu kimi, bu qanun layihələri bir məktub ilə daxil olub.  2017-ci il iyun ayının 3-də “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilib. İndi həmin dəyişikliklərə müvafiq olaraq “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 14-cü maddəsinin 5-ci hissəsinə redaktə xarakterli dəyişiklik  edilir. Yəni “yalnız nağdsız qaydada” sözləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz olunur. Ona görə, xahiş edirəm, bu qanun layihəsinə də münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
8-ci məsələ “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Əhliman müəllim, buyurun.
 
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Təklif olunan dəyişiklik “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanuna aiddir. Qanunun 14-cü maddəsinə edilən dəyişikliyə görə müavinətin ödənilməsi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla yalnız nağdsız qaydada həyata keçirilir. Bu dəyişiklik də “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 9-cu məsələsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə, yəni vətəndaşlığa qəbul maddəsinə yeni bir müddəa əlavə olunur. Məsələ burasındadır ki, Azərbaycanda vətəndaşlığı naməlum olan şəxslər də yaşamaqdadır. Vətəndaşlığı naməlum şəxslər dedikdə, uzun müddət Azərbaycanda yaşayan, lakin vətəndaşlığını təsdiq edən və ya digər etibarlı sənədləri olmayan şəxslər başa düşülür. Bunlar, əsasən, vaxtilə köhnə SSRİ pasportu ilə digər respublikalardan, yəni SSRİ-nin başqa respublikalarından Azərbaycana gəlmiş və bu günə qədər sənədləşdirilməmiş şəxslərdir. Dəyişikliklərin də əsas məqsədi birinci, vətəndaşlığı naməlum şəxslərin heç bir ölkənin vətəndaşlığına mənsub olmaması, ikinci, uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşaması məhkəmə tərəfindən təsdiq edildikdə sənədlərinin toplanılıb vətəndaşlıq məsələləri komissiyasına təqdim olunmasına bir mexanizm yaratmaqdır.
Qeyd etmək istəyirəm ki, layihədə bu müddətin 2006-cı il yanvarın 1-dək qoyulmasının səbəb ona görədir ki, 2005-ci ilin sonunadək köhnə SSRİ pasportlarından  Azərbaycanda sərhədkeçmə sənədi kimi istifadə etmək hüququ olurdu. 2005-ci ildən sonra isə  hər hansı bir keçid olubsa, bu proses artıq həmin ölkələrin milli pasportları ilə həyata keçirilib. Onu da qeyd etmək istəyirəm ki, təklif olunan bu dəyişiklik  mənsub olduğu dövlətin vətəndaşlığından könüllü olaraq çıxmış şəxslərə şamil edilmir. Amma ümumilikdə, bu çox mütərəqqi bir sənəddir və bu kateqoriyadan olan şəxslərin sənədlərlə təmin olunması, Azərbaycanda rahat yaşaması üçün  hüquqi bir mexanizm yaradır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən.  Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Bir məsələyə toxunmaq istərdim. Bizə də müraciətlər olur. Yəqin ki, başqa deputat həmkarlara da belə müraciətlər olur. Bu, əsasən, Gürcüstandan Azərbaycana gələn azərbaycanlılara aiddir. Yəni bunlar gəlirlər, Azərbaycanda oxuyurlar və sonar da hərbi qulluqda  olurlar.  Bunlar Azərbaycan vətəndaşı deyillərsə, niyə orduya aparılırlar? Qeyri bir ölkənin vətəndaşını orduya aparmaq hansı qanunda var? Əgər bunlar könüllü orduya gedib qulluq edirlərsə, yenə düz deyil, axı bunlar Gürcüstandan gələn insanlardır, oğlanlardır. Təbii ki, oğlanlar gedir əsgərliyə. Bunlar gəlib burada oxuyublar, iki il,  il yarım da qulluq ediblər, amma vətəndaşlıq ala bilmirlər. Necə ola bilər? Xahiş edirəm, Əli müəllimin komitəsi bu məsələ ilə bir məşğul olsun, bu insanları niyə incidirlər? Necə olur, mən Azərbaycan ordusunda qulluq edim, hətta şəhid də olum və ya yaralanım, amma mənə Azərbaycanda vətəndaşlıq verilməsin ki, sənə olmaz. Niyə? Çünki sən Gürcüstandan gəlmisən. Belə şeylər var. Bir araşdırılsın. Bu məsələ  gündəmə gəlsin. Əli müəllim, bunu Sizdən xahiş edirəm, bu Sizin komitənin işidir. Eləcə də  Ziyafət müəllimdən xahiş edirəm. Həm də bizim komitənin işidir.
Belə hallar var. Uzun müddət yaşayır, anası buralıdır, atası gürcüstanlıdır, yenə vətəndaşlıq vermirlər. Anasını götürüb aparsın? Ona görə, xahiş edirəm, bu məsələyə baxılsın. Mən istəmərəm hamı Gürcüstandan axışsın gəlsin, burada vətəndaşlıq alsın. Təbii ki, yox. Bax, burada, 14-cü maddədə var. Bu dövlətin qarşısında xidməti varsa, bu ölkəyə bir xeyir verirsə, vətəndaşlıq almalıdır. O da bizimkidir axı. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Ziyafət müəllim, təşəkkür edirəm. Mən bir şeyi öyrənmək istəyirəm. Burada, sonda bir izah verilir ki, nə üçün dəyişiklik olur. Orada göstərilir ki, dəyişiklik keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmasına imkan yaratmaq məqsədi ilə edilir. Məni nə narahat edir? Ermənistandan 100 minlərlə azərbaycanlı qovulub və onlar SSRİ pasportu ilə Azərbaycana gəliblər. Hesab edirəm ki,  bu qanunda bunun bir halda göstərilməsi lazımdır. Ya da bir istisna olaraq  göstərilməlidir ki, bu insanlar aborogendirlər. Vətəndaşlıq onlara öz yerlərinə qayıdana qədər  şamil olunur və qayıtdıqdan sonra artıq  onlar vətəndaşlıqdan çıxarılmış, yaxud vətəndaşlıqlarına xitam verilmiş sayılırlar. Çünk bu insanların Ermənistan vətəndaşı pasportunu alıb, onlar Azərbaycan vətəndaşı pasportu vermək bizə qarşı mənfi bir şey yarada bilər. 
Ermənistandan kompakt şəkildə qovulmuş azərbaycanlıların statusu ilə bağlı danışıqlarda, məncə, istifadə eləmək mümkündür ki, Dağlıq Qarabağda erməni əsilli azərbaycanlılar kompakt halda yaşayıblar. Onların statusu haqqında söhbət gedirsə, oradan qovulan yüz minlərlə insanın taleyi ilə bağlı  bir şeylərin verilməsi lazımdır. Onların mülk davaları, təzminat davaları  və sair var. Onlar qayıtmaq ilə bağlı çağırışlar edirlər. Bu mənada SSRİ pasportuna malik olan şəxslər deyəndə, hansısa formada Ermənistandan qovulmuş aborogen azərbaycanlıları, yüz minlərlə azərbaycanlını nəzərə almamaq üçün bir ifadənin salınması mümkündürmü, bilmirəm. Mən hüquqşünas deyiləm, ona görə istəyirəm ki, Əli müəllim buna bir balaca aydınlıq gətirsin. Təşəkkür edirəm.
Sədrlik edən. Aydındır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Sağ olun, hörmətli Ziyafət müəllim. Bu qanun Ermənistandan deportasiya olunmuş, yaxud da ki, Gürcüstandan gəlmiş soydaşlarımızla bağlı deyil. Bu qanun müstəqillik əldə olunana qədər, hətta bir qədər ondan sonra keçmiş SSRİ pasportu ilə Azərbaycana gəlib  burada qalan vətəndaşlara aiddir. Onların vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənəd SSRİ pasportu olub. Başqa sənədləri olmayıb. Çünki onların vətəndaşlığa qəbul proseduru həyata keçməyib. Dedim ki, 2005-ci ilə qədər, çünki 2005-ci ildən sonra sərhəd-keçid məntəqəsini heç kim SSRİ pasportu ilə keçməyib. Çünki qanunvericiliyə görə SSRİ pasportu ilə keçmək olmazdı. Məqsəd indi nədir? O şəxslər ki vaxtilə gəliblər, Azərbaycanda yaşayırlar, ailə qurublar, işləyirlər, çalışırlar, onları Azərbaycan vətəndaşlarının sənədləri ilə təmin etmək lazımdır. O ki qaldı Aqil müəllimin qaldırdığı məsələ, mən inanmıram ki, Azərbaycan Respublikası vətəndaşı olmayan şəxs Azərbaycanda hərbi xidmətdədir. Bunu araşdırarıq. Amma mən bilirəm ki, bəli, gəlirlər, təhsil alırlar, qeydiyyatdadırlar, amma bu məsələni, icazə verin, araşdıraq, mən sizə bu barədə məlumat verərəm. 
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, icazə versəniz, 10–11-ci məsələləri birlikdə məruzə edərdim, çünki bir-birləri ilə bağlıdırlar. İnzibati Xətalar Məcəlləsi və Şəhər-salma və Tikinti Məcəlləsi. Qeyd etməliyəm ki, Reklam haqqında qanunvericiliyə biz 2017-ci il iyunun 29-da  dəyişiklik etmişik. İndi həm İnzibati Xətalar Məcəlləsinə, həm də Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Reklam haqqında qanunvericiliyin tələblərinə görə reklam qurğularının qanunvericiliyə müvafiq olaraq düzgün yerləşdirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Şəhərsalma və Tikinti Məcəlləsində yenə də “Reklam haqqında” Qanunun açıq reklam lövhələrinin yerləşdirilməsi ilə bağlı tələblər öz əksini tapmış olur. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, 10-cu məsələyə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələyə, Şəhərsalma və Tikinti Məcəlləsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Komitə sədri Əhliman Əmiraslanov, buyurun.
Ə.Əmiraslanov. Hörmətli Ziyafət müəllim, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklik on dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılmasını qadağan edir. Dəyişiklik çox kiçik olmasına baxmayaraq, son dərəcə böyük əhəmiyyət kəsb edən dəyişiklikdir. Xahiş edirəm, səs verin.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. “Dərman vasitələri haqqında” Qanunun  13.3–1-ci maddəsində dərman vasitələrinin buraxılması haqqında edilən dəyişiklik yəqin ki, zərurətdən doğur və məntiqlidir. Başa düşürəm, elə dərman vasitələri var ki, onu reseptsiz olaraq heç kimə və eləcə də on dörd yaşına çatmamış yeniyetmələrə satmaq təhlükəlidir. Lakin burada bütün dərman vasitələrinin on dörd yaşına çatmamış yeniyetmələrə satılmasının qadağan edilməsi, məncə, düzgün deyil. Nəzərə alaq ki, bir çox ailələr natamam ailələrdir, yəni ana ilə oğul və ya ana ilə qız tək yaşayırlar. Bu zaman ana və ya ata hər hansı bir xəstəliyə tutularsa, onun dərman almaq üçün göndərəcəyi başqa bir şəxs olmaya bilər. İnanın ki, belə misalları çox gətirmək olar. Bir də nəzərə almaq lazımdır ki, bəzən xəstənin həyatı bu və ya digər dərmanın operativ şəkildə alınmasından  asılı olur. Ona görə, təklif edirəm ki, dərman vasitələrinin reseptini və reseptdə adı qeyd olunan şəxsin şəxsiyyət vəsiqəsini təqdim edən yeniyetmələrə həmin dərman vasitələrinin satışına icazə verilsin. Maddəyə bir neçə söz əlavə etmək  olar və bu halda dəyişilən maddə belə səslənəcək: “On dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin resepti və reseptdə adı qeyd edilən xəstənin şəxsiyyət vəsiqəsi təqdim edilmədiyi halda buraxılması qadağandır”. Onda bu daha məntiqli olacaq. Xahiş edirəm, nəzərə alasınız.     
Sədrlik edən. Aydındır. Əhliman müəllim, izahata ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Təklif olunan dəyişiklik İnzibati Xətalar Məcəlləsinin “Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması” maddəsinə edilir. Belə  təklif olunur ki,  ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrində müvafiq icra hakimiyyətinin müəyyən etdiyi normaların pozulmasına görə məsuliyyət nəzərdə tutulsun. Məlumat üçün bildirim ki, belə bir məsuliyyət var idi. Sadəcə, yenilik müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalardır. Çünki cənab Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabinetinə tapşırılmışdı  ki, nəqliyyat vasitələri və digər səs-küy mənbələrinin, yaşayış və istirahət yerlərində, habelə insanların toplaşdığı digər yerlərdə nüfuzedici səs-küyün  yolverilən səviyyəsinə nəzarət etməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarına tapşırıq verilsin. Hazırda sözügedən normaların hansı orqan tərəfindən müəyyən edildiyi bilavasitə göstərilmədiyindən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar” sözlərinin qanuna salınması zəruridir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Fazil Mustafa, buyurun.
F.Mustafa. Əli müəllimlə bir məsələni qısaca aydınlaşdırmaq istəyirəm. Bu, təkcə nəqliyyat vasitələrinin çirkləndirməsinə aid məsələdir, yoxsa Azərbaycanda şadlıq evləri tərəfindən insanların həyatına qəsd edilməsi üçün nəzərdə tutulan səs-küy çirkləndirməsinədəmi aid edilməlidir? Çünki bunu təkcə nəqliyyatla məhdudlaşdırmaq doğru olmaz, ən böyük təhlükə məhz o kateqoriyadan olan səs-küydür. Buna aydınlıq gətirilməsini istərdim. Bu onu da ehtiva edir, ya yox? Ehtiva etmirsə, burada açıq mətnlə müəyyən tədbirlərdə, şadlıq evlərində, tutaq ki, insanların çox yığışdığı qapalı məkanlarda  bunun gerçəkləşdirilməsinin qanunun predmeti ola biləcəyi mümkündürsə, qeyd olunsun. Əli müəllim buna da  açıqlama versəydi, yaxşı olardı.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, yəqin, hörmətli həmkarlarım da müşahidə elədilər ki, Əli müəllim bu normanı oxuyanda çətinliklə üzləşdi, ona görə ki, cümlə düzgün qurulmayıb. Burada qeyd olunmalıdır ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy salmaqla çirkləndirmə. “Səs-küy çirklənməsi” ifadəsi söz birləşməsi kimi düzgün deyil. Burada oturanların hamısı bunu görür. Ona görə o düzəliş nəzərə alınsın.
Bir də burada, Oqtay müəllim, zaman-zaman hörmətli Fazil müəllim də qeyd elədi ki, vibrasiya və səs-küy salmaqla çirkləndirmə təkcə küçələrə aid deyil. Qeyd olunmayıb ki, ancaq avtomobillə səs-küy salmaqla çirklənmədən söhbət gedir. Bəli, şadlıq sarayları da buraya aiddir. Ancaq çox təəssüf ki, bizim  müvafiq icra hakimiyyəti orqanları bu normaya şadlıq saraylarında da əməl olunmasına nəzarət eləmirlər. Nə baş verir? Çox vaxt eşidirik, insanlar tələb edirlər ki, müvafiq qanun qəbul olunsun. Hamımız toylarda iştirak edirik, restoran sahibləri ya kondisionerləri tez söndürürlər ki, içəri isti olsun, səs-küyü də çox edirlər ki, qonaqların hamısı maksimum bir saatdan sonra qaçıb getsin. Bunlar sifarişi tutaq ki, 400 nəfərə qəbul ediblər. Bir saatdan sonra zalın yarısı boşalır, bahalı yeməkləri saxlayırlar ən axıra, misal üçün, balığın bir şişi 35 manatadırsa, onu saxlayırlar o vaxta qədər ki, 200 nəfər qalır, onlara balıq kababı verirlər, amma 400 nəfər üçün pul alırlar. Ya da ki, kondisionerləri söndürmürlər, camaatın boynu donur, məcbur olur, tez çıxsın getsin. Səsi də o səbəbdən yüksək edirlər.
Xərçəng xəstəliyi son vaxtlar çoxalıb. Səsin, vibrasiyanın bunun yayılmasında rolu var, yoxsa yoxdur, bilmirəm, amma düşünürəm ki, burada qeyd edilməlidir ki, müəyyən olunmuş normalardan artıq olmaz. Restoranlarda da yoxlanmalıdır. Vaxtilə Azadlıq meydanında mitinqlər keçirilirdi, iki səsgücləndirici qoyurdular, səs gedib Şıxov çimərliyinə qədər çıxırdı. Amma biz bir şadlıq sarayına giririk, bəzən görürük ki, o cür səkkiz səsgücləndirici qoyulur. Əlbəttə, orada insan dayana bilməz. İnsanın fiziki imkanları buna imkan vermir. Ona görə düşünürük ki, biz bu normanı qəbul edirik. Müvafiq orqanlardan tələb eləyək ki, nəhayət,  səsin normasını şadlıq saraylarında da yoxlasınlar. Diqqətinizə görə çox sağ olun.   
Sədrlik edən. Qüdrət müəllim,  normanı  qəbul  edirsinizsə, özümüz də gedək, yoxlayaq. Belə deyirsən də. Birincisi, şadlıq evlərindən söhbət gedirsə, bu məsələ çoxdan qaldırılmışdı. Sağlıqlarına qismət olsun, böyük şadlıq evləri tikirlər, amma bahalı olduğu üçün heç kim akustika sisteminə baxmır. Çox az şadlıq evi var ki, orada akustika sistemi normativə uyğun olaraq quraşdırılıb. Səs-küyün  olmasına da səbəb budur.  Amma  yeməkləri gec verirlər, tez verirlər, deyə bilmərəm, yəqin, araşdırarlar. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Cənab Sədr, Siz özünüz çıxışınızda qeyd etdiniz, Qüdrət müəllimin də çıxışı onu göstərdi ki, bu, təkcə nəqliyyat vasitələrinə aid deyil. Əslində, mən əsaslandırmada olmayan, amma cənab Prezidentin müvafiq fərmanında olan maddəni ona görə oxudum, yəni nəqliyyat vasitələri və digər səs-küy mənbələri, yaşayış, istirahət yerlərində, digər toplantı yerlərində nüfuzedici səs-küy. Təbii ki, şadlıq sarayları da bu siyahıya aiddir. Ümumiyyətlə, fərmanda bu siyahı verilib, bu çox geniş və əhatəli bir məsələdir.
Sədrlik edən. Oldu. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, iki məsələmiz qalıb. Təklif edirəm, tənəffüssüz işləyək. Burada bir məsələ Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi məsələsidir. Digər məsələ isə hamınızın maraqlandığınız Peşə təhsili haqqında qanun layihəsidir. Bir şeyi xahiş edirəm, Peşə təhsili haqqında qanun layihəsi birinci oxunuş olduğu üçün konseptual çıxış edin.
İndi isə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli müəllim buyursun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar,  Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra normalarının müxtəlif vaxtlarda qüvvəyə minməsi məcəllədə öz əksini tapıb. Belə ki, məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin, yəni tikinti layihələrinin müfəssəl planın müəyyənləşdirdiy tələblərə uyğun olaraq hazırlanması müddəasının qüvvəyə minməsi 2013-cü il 1 yanvar tarixindən 5 il sonra nəzərdə tutulmuşdu. Yəni indi 5 il keçib. Söhbət 2018-ci ildən gedir. Amma  hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də bir il  tələb olunur ki, bu işlər başa çatdırılsın. Məhz buna görə də məcəllənin bu müddəasının qüvvəyə minməsinin bir il uzadılması xahiş olunur. Hesab edirəm ki, biz bunu  etməliyik, çünki faktiki olaraq bu işlər gedir və bir ilə yekunlaşacaqdır. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ Peşə təhsili haqqında qanun layihəsinin birinci oxunuşudur. İsa müəllim, qanunvericiliyə görə məruzə 20 dəqiqəyə qədərdir. Amma çalış, 19 dəqiqə 50 saniyə olmasın, bir az qısa olsun.
 
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri və qonaqlar! Mən Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim etməzdən əvvəl Azərbaycanda bu sahədə çalışanların əmək haqlarının iki dəfə artırılmasına, onlara dövlət səviyyəsində  böyük qayğı göstərilməsinə görə təhsil işçiləri, xüsusilə peşə təhsili işçiləri adından  ölkəmizin Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı çatdırmağı özümə borc bilirəm. Məhz cənab Prezidentin vaxtında atdığı bu addım sovet hökumətinin süqutu ilə dağılan və indi yenidən bərpasına  başlanılan bu sahənin inkişaf etdirilməsinə sözün əsl mənasında stimul verən çox əhəmiyyətli bir hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hamımıza yaxşı məlum olduğu kimi, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsinə son illərdə xüsusi diqqət və qayğı ilə yanaşılır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması, onun səmərəli fəaliyyəti, ölkəmizin paytaxtında və regionlarda yüksək standartlara cavab verən peşə təhsili məktəblərinin açılması, bir çox təməlqoyma mərasimlərinin keçirilməsi, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığın artıq formalaşdırılması cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan məqsədyönlü siyasətin çox uğurlu nəticələridir və bu prosesin davamlı olduğunu aydın şəkildə göstərir.
Hesab edirəm ki, bu gün millət vəkillərinin müzakirəsinə çıxarılan Azərbaycan Respublikasının Peşə təhsili haqqında qanun layihəsi də ölkəmizdə dövlət səviyyəsində aparılan həmin prosesin məntiqi bir nəticəsidir. Peşə təhsili haqqında qanun layihəsi 5 fəsildən, 26 maddədən, 312 bənddən ibarətdir. Qanunvericilik formasına uyğun olaraq Peşə təhsili haqqında qanun layihəsində  bu sahəyə aid olan  33 əsas anlayış haqqında məlumat verilmişdir. Bunların içərisində bir çoxu sırf peşə təhsili sahəsinin müxtəlif aspektlərini əhatə edən anlayışlardır və bu anlayışlar, ümumiyyətlə, qanunun sonrakı fəsillərini, müddəalarını daha aydın başa düşmək üçün bir açar funksiyasını yerinə yetirir. Peşə təhsili haqqında qanun layihəsində dövlətin peşə təhsili sahəsindəki siyasəti və onun üzərinə düşən vəzifələr aydın şəkildə öz əksin tapmışdır.
Eyni zamanda, hamımıza yaxşı məlum olduğu kimi, hazırda bu sahədə dövlətin qayğısına və diqqətinə daha böyük ehtiyac vardır. Qanun layihəsində olan müddəalar dövlətin vəzifələrini və siyasətini aydın şəkildə meydana qoyur və bu, dövlətimizin peşə təhsilinin inkişafına bundan sonra da qayğı və diqqət göstərməsini hüquqi cəhətdən tənzimləyir. Peşə sahəsinin inkişafı onun normal təşkilindən çox asılıdır. Ona görə də Peşə təhsili haqqında qanun layihəsində ən böyük fəsil olan 2-ci fəsil 15 maddədən ibarətdir və demək olar ki, bu qanunun ana hissəsini təşkil edir. Burada ilk dəfə olaraq Azərbaycan pedaqoji fikrində, həm də qanunvericilikdə peşə təhsilinin səviyyələri, peşə məktəbinin formaları, mülkiyyət formasına görə peşə təhsilinin istiqamətləri müəyyən olunub. Bu fəsildə üç peşə təhsili səviyyəsi: ilk peşə təhsili səviyyəsi, texniki peşə təhsili səviyyəsi və yüksək texniki peşə təhsili səviyyəsi müəyyən olunub. Qanunvericilikdə indiyə qədər bir ad altında gedən peşə məktəblərinin üç forması, onların funksiyaları öz əksini tapıb. Peşə məktəblərində ilk peşə təhsili və texniki peşə təhsili almaq mümkündür. Peşə liseylərində isə bununla yanaşı, orta təhsil haqqında attestat almaq hüququ da verilir. Peşə təhsili mərkəzlərində isə bunların hamısı ilə yanaşı, bakalavr dərəcəsində  kiçik mühəndis adlandıra biləcəyimiz mütəxəssislərin hazırlığı nəzərdə tutulur. İddiaçının, arzu edənin hansı təhsil bazasından, yəni 9 illikdən, ya tam orta təhsil bazasından gəlməyindən və hansı ixtisası seçməyindən asılı olaraq təhsil müddəti 6 ay, 1 il, 2 il, 3 il və hətta 4 il nəzərdə tutulur. Peşə təhsili müəssisələrində bir qayda olaraq təhsilin əyani olması zəruri hesab olunur.
Peşə təhsili müəssisələrində ödənişsiz, yəni dövlət sifarişi hesabına olan təhsillə yanaşı, ödənişli təhsilə də yer verilməsi indiki halda məqbul sayılır. Builki qəbul imtahanları göstərdi ki, bir çox peşə  ixtisaslarına  bəzi ali məktəb ixtisaslarından daha çox rəqabət vardır. Ona görə ödənişsiz, yəni dövlət sifarişi əsasında olan təhsillə yanaşı, ödənişli təhsilə meydan açmaq bu sahədə olan kadr ehtiyacını aradan qaldırmaq üçün faydalı ola bilər. İlk dəfə olaraq yaşlıların hansı səviyyədə peşə təhsili alması, hətta ali məktəb qurtaranların arzu etdikləri halda peşə təhsili almasına dair müddəalar da sizə təqdim olunan qanun layihəsində öz əksini tapmışdır. Mülkiyyət formasından asılı olaraq peşə təhsili müəssisələrinin dövlət, özəl və bələdiyyə təhsil müəssisələri kimi fəaliyyət göstərmələri qanun layihəsində özünə yer almışdır. Şübhəsiz ki, peşə təhsili müəssisələrinin idarə olunması, formaları, üsulları, vasitələri də qanunun ayrıca bir fəslinin müvafiq müddəalarında əhatə olunmuşdur.
Eyni zamanda, peşə təhsili işçilərinin sosial müdafiəsi ilə bağlı məsələlər də burada özünə yer alıb. Peşə təhsili haqqında qanun layihəsində peşə təhsili sahəsinin iqtisadiyyatı xüsusi bir fəsildə əks olunub və dövlət büdcəsi ilə yanaşı, qrantlardan, ianələrdən, yardımlardan, hətta xarici investisiyalardan, sahibkarlıq innovasiya fəaliyyətindən gələn gəlirlərin də buraya yönəldilməsinə bu qanunvericilik meydan açır. Yeri gəlmişkən deyim ki, “Elm haqqında” Qanunda olduğu kimi,  Peşə təhsili haqqında qanunda da sahibkarlıq və innovasiya fəaliyyətinə dair maddə   özünə yer alıb və bu, ölkə Prezidentinin təsdiq etdiyi yol xəritəsində əks olunan müddəalara da tamamilə uyğundur. Peşə təhsili müəssisələrinin mükiyyəti bu qanunvericiliyə görə özəlləşdirilə bilməz. Peşə təhsili müəssisələrinin ərazisində onun profilinə uyğun olmayan başqa müəssisənin yaradılmasına yol verilməməlidir. Peşə təhsili müəssisələrində qanunsuz olaraq başqa insanların yerləşdirilməsi də bu qanunla məhdudlaşdırılır. Daha doğrusu, ona qadağa qoyulur. Məqsəd peşə təhsilinin mülkiyyəti, sistemi, idarə olunma prinsipləri ilə bir yerdə ölkəmizin təhsil sistemində möhkəm mövqe tutmasından və müstəqil Azərbaycanın cəmiyyət və ölkə quruculuğunda iştirak edəcək yeni gənc nəslin daha yüksək səviyyədə hazırlanmasını təmin etməkdən ibarətdir. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq, onun formaları, üstünlükləri və reallıqları bu qanunun ayrı-ayrı maddələrində öz əksini tapmışdır. Eyni zamanda, burada özəl peşə təhsil müəssisələri ilə dövlət peşə təhsili müəssisəsinin qarşılıqlı əlaqəsinə, birgə fəaliyyət məsələlərinə də yer verilib. Peşə təhsili müəssisələrində istehsalat təlimi və yaxud da təcrübənin keçirilməsi,  hətta onun sıfırlaşması ilə bağlı  müddəalar da burada öz əksini tapıb.
Bir sözlə, Peşə təhsili haqqında qanun layihəsi ölkəmizdə aparılan təhsil siyasətinin peşə təhsili istiqamətinin vahid dövlət siyasətinə uyğun olaraq inkişaf etdirilməsinə, yeniləşməsinə və müasir cəmiyyətin inkişafına xidmət edəcək bir səviyyəyə gətirilməsinə hesablanmışdır. Yeri gəlmişkən, mən Peşə təhsili haqqında qanun layihəsinə öz rəylərini bildirmiş, tənqid və iradlarını göstərmiş Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Onların rəylərindəki müsbət fikirlərlə yanaşı, göstərilən tənqidi qeydlər, təkliflər diqqətlə nəzərə alınmış və qanun layihəsində öz əksini tapmışdır. Birinci oxunuşla bağlı indi və sonra yazılı şəkildə bizə müraciətlərini bildirəcək hər kəsə indidən təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. İsa müəllim, çox sağ olun. 10 dəqiqə danışdınız, yəni birinci oxunuşdur, ikinci oxunuşda daha çox danışarsınız. Əgər etiraz yoxdursa, 5 dəqiqə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim öncə də qeyd etdiyim kimi, bu məsələ, həqiqətən də, ən aktual məsələlərdən biridir. Ona görə də, qısaca olaraq ardıcıllıqla münasibətimi bildirmək istəyirəm. Fikrimə görə burada prinsipial olaraq ancaq dövlət peşə təhsili müəssisələrindən söhbət gedir. İsa müəllimə təşəkkür edirəm, çox yaxşı bir qanun layihəsi hazırlayıb. Amma biz millət vəkilləri olaraq öz təkliflərimizi deməliyik ki, daha da cilalanmış bir sənəd ortaya çıxsın. Bu qanunda  göstərilir ki, bələdiyyə və özəl peşə təhsili müəssisələri ilə bağlı məsələlər Mülki Məcəllə ilə tənzimlənəcəkdir. Amma bu,  ayrıca bir qanunla tənzimlənirsə, onların da ayrıca bir qanunla tənzimlənməsi vacibdir. Çünki burada əsas prinsip, dövlət peşə təhsili müəssisələrinin açılması problemin həlli deyil. Ona görə ki, burada kim isə ciddi şəkildə vəsait yatırmalıdır və konkret sahələrə aid olan sahibkarlıq subyektləri maraqlı olmalıdırlar ki, öz sahələrinə  aid olan peşə mütəxəssisləri yetişdirilsin. Buna da dövlət standartları və dövlət nəzarəti olmalıdır. Biz burada məsələni dövlətin üzərinə qoyduğumuza görə,  indiyə qədər peşə təhsili nə cür bərbad vəziyyətdədirsə, bundan sonra da təqribən elə davam edəcək. Ona görə də bu qanunda biz özəl təhsil müəssisələrinin təşviq olunmasına çalışmalıyıq. Bundan əvvəl məktəbəqədər müəssisələrin də məktəblərdə açılışı nəzərdə tutulurdu. Amma oraya 20 nəfər şagird əvəzinə 30, 35, 40 nəfər yığdılar, keyfiyyətl təhsil verilmədi. Ən yaxşı variant odur ki, peşə təhsilində özəl təhsil müəssisəsi olsun, dövlət onun müəyyən minimum məbləğin qarşılasın, özü nəzarət etsin, sahibkara müəyyən ödənişlə orada təhsil almaq istəyən insanlar da paralel olaraq bu imkandan istifadə etsinlər. Yəni dövlət müəssisəsi olsun, amma eyni zamanda, özələ üstünlük verməyimiz vacibdir.
Burada informal peşə təhsilindən söhbət gedir. Məncə, bunun burada qeyd olunması yerində deyil. O baxımdan ki hər kəsin özünün təhsil yolu ilə biliklərə yiyələnmə forması əgər hansısa bir sənədlə təsdiq olunmursa və  hansısa bir sertifikatla əsaslandırılmırsa, onda elə hər kəs özü üçün məşğul olsun da. Bunu qanunda nəzərdə tutmağın nə anlamı var? Özü öyrənən adam istənilən yerdə, əgər özəl müəssisədirsə, iş tapa bilər. Burada qoyulan tələblərə bir də diqqət etmək lazımdır. Bu, “Təhsil haqqında” Qanunda da var. Məncə, bu cür yanaşmalar yanlışdır. Məsələn, peşə təhsili almaq istəyənlərin azərbaycançılıq məfkurəsinə nə ehtiyacları var? Bu dövlətin qanunlarına əməl edən hər kəsə bu tələb  kifayətdir də. Yoxsa  maşın düzəldən milli-mənəvi dəyərlərə,  yaxud da azərbaycançılıq məfkurəsinə malik oldu-olmadı, bu məni maraqlandırmır. Məni maraqlandırır ki, gətirdiyim avtomobili sağlam təmir etsin, yaxud da aşpazdırsa, peşə təhsili alıbsa, yeməyin içinə başqa şeylər qatmasın, gətirsin, ortaya normal bir yemək qoysun. Bunun hansısa bir dəyərlər üzərində formalaşmasının,  açığı, məntiqi izahını görmürəm. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Burada çox müsbət bir ənənə Azərbaycan dilinin dövlət dili olaraq peşə təhsili müəssisələrində istifadə olunmasıdır, bu, yaxşı bir haldır. Burada Azərbaycan dilinin üstünlüyünü qorumaq şərti ilə başqa dillərdə də bu ifadənin yer alması vacibdir. Çünki bunu bəhanə edib,  hər kəs  özünün istədiyi dildə bu peşə təhsilini həyata keçirməyə çalışa bilər, bu da bizim dövlət maraqlarımıza  uyğun deyil.
Burada təqaüdlər məsələsinə də xüsusi diqqət ayırmaq lazımdır. Bunu stimullaşdırmaq barədə qanuna maddələr salmaq lazımdır. Xüsusilə də sahibkarların bunu stimullaşdırması məsələsini. Dövlət təqaüdü bəzən yetərli olmur, ali məktəblərdə də görmüşük, dövlət ali təhsil müəssisəsidir, amma hamısı böyük ödənişlərlədir. Harada dövlət varsa, niyə orada ödəniş olmalıdır? Onda dövlət özəl müəssisə  sahiblərini stimullaşdırmalıdır ki, onlar bu vəsaiti ödəməyə maraqlı olsunlar. O baxımdan  mən qanuna səs verəcəyəm. Bunu çox müsbət bir addım kimi qiymətləndirirəm, amma çox cilalanmış bir qanun olmasını təmənna edirəm. Çünki bizim artıq bu gündən bu sahəyə diqqət ayırmağımız lazımdır. Onların mülkiyyətinin qorunması peşə məktəbləri üçün olduqca vacib addımlardan biridir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bizə təqdim olunan qanun layihəsi çox vacibdir. Biz “Təhsil haqqında” Qanunu qəbul edəndə dedik ki, bu, çərçivə qanundur və buna uyğun olaraq  digər təhsil sistemi ilə əlaqədar qanunlar qəbul ediləcək. “Təhsil haqqında” Qanunu  qəbul edəndə Azərbaycanda çox ciddi islahatlara ehtiyac var idi. O islahatların müəyyən hissəsi həyata keçirildi və bu proses indi də davam edir. Amma biz təhsildə hələlik çox ciddi uğurlara  nail ola bilməmişik.
Azərbaycanda bilirsiniz ki, son zamanlar çox ciddi islahatlar həyata keçirilir. 2016-cı ildə Strateji Yol Xəritəsi qəbul olunub. Bu islahatlar  Azərbaycanda məhz peşə təhsili sisteminin  yenidən qurulması üçün önəmli məsələlərdən biri kimi qeyd olunmalıdır. Sovet sistemini biz, düzdür, bəyənmirdik. Amma sovet dövründə peşə təhsili sistemi çox düzgün qurulmuşdu və düzgün də fəaliyyət göstərirdi. Sonradan o sistem tamamilə dağıdıldı və biz indi məcburuq ki, həmin sistemi tamamilə yenidən quraq. Peşə təhsili sisteminin ən ciddi problemi, əlbəttə, onun təcrübi tərəfidir, yəni təcrübi məsələləri həll etməkdir. Yadınıza gəlirsə, peşə təhsili məktəblərinin hamısının öz istehsalat sahələri, sexləri var idi və peşə təhsili alan hər bir insan  müəssisələrə təcrübi cəhətdən hazır vəziyyətdə  göndərilirdi və onlarla bağlı heç bir problem olmurdu. Ona görə də mən belə hesab edirəm ki,  ümumiyyətlə, peşə təhsili ilə məşğul olan hər bir müəssisə konkret istehsalat sahəsi ilə təmin olunmalıdır və bu, xüsusi maddə ilə bu qanunda öz əksini tapmalıdır. Xüsusilə bazara uyğun peşə ixtisasları verilməlidir. Yəni mən Azərbaycanda rəqabətə davamlı peşə təhsilinin  bərpasının  tərəfdarıyam. Son vaxtlar elektron informasiya texnologiyaları sistemində  peşə təhsili ilə məşğul olan insanlar həddindən artıq azdır. Ona görə də bu sahəyə diqqəti artırmaq lazımdır.
Burada dövlətin əsas vəzifələri də nəzərdə tutulub. Yəni dövlətin üzərinə məsuliyyət həddindən artıq çox qoyulub. Peşə təhsili sistemində də vəziyyət təhsildə olduğu kimidir. Yəni ayrılan vəsaitə nəzarəti, qəbul planının təsdiqini, rəhbər işçilərin təyinatını və sairi dövlət həyata keçirir, bununla mən razılaşıram. Amma mən belə hesab edirəm ki, peşə təhsili sistemində müəyyən vəzifələri dövlət həyata keçirdikdə  müəyyən qədər sahibkarlara, o cümlədən burada qeyd olunduğu kimi, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə də üstünlük vermək lazımdır ki, dövlətin üzərinə məsuliyyət çox düşməsin. Burada peşə təhsili ilə əlaqədar mən deyərdim ki, sistemin quruluşu da müəyyən qədər sual doğurur. Yəni burada ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili var. Bunların fərqi yalnız ondan ibarətdir ki,  texniki peşə təhsili o birilərdən yalnız orta təhsil verməklə fərqlənir. Yəni burada məqsəd bunları ayırmaq deyil,  normal  sənət verməkdir, əsas məqsəd də ona yönəldilməlidir. Ona görə mən belə hesab edirəm ki,  bunun 3 yerə bölünməsi o qədər də inandırıcı bir məsələ deyil. Yəni bu, təhsildə  müəyyən problemlərin yaradılmasına səbəb ola bilər.
Burada bəzi maddələrdə  ödənişlərlə əlaqədar məsələlər var. Dövlət  büdcəsindən hansı ödənişlər ödənilir və sair. Ümumiyyətlə, suallar həddindən artıq çoxdur. Misal üçün, mən bir maddəyə istəyirəm, İsa müəllim baxsın. 11.6-cı maddə belədir: “İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsil alanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əmək haqqının 20 faizindən az olmamaq şərti ilə əmək haqqı ödəyir”. Bu hansı normativdən, ümumiyyətlə,  haradan götürülüb? Bunun ola bilər ki, heç 20 faizi ödəmək imkanı olmasın. Yəni biz məcbur edə bilmərik. Yəni 20 faiz haradan götürülüb? Ümumiyyətlə, bu qanunda suallar həddindən artıq çoxdur.  10.13-cü maddə də sual doğurur. Ona görə,  mən belə hesab edirəm ki, bu qanun konsepsiya cəhətdən düzgün qurulub. Amma Oqtay müəllim, bunun üzərində işləmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, Milli Məclisin gündəliyində olan Peşə təhsili haqqında qanun layihəsi ilə tanışam və deyərdim ki, qanun layihəsi Azərbaycanda ilk dəfədir hazırlanır və ümumi olaraq məqbuldur. Cənab Prezident  İlham Əliyevin çıxışlarında da dəfələrlə qeyd edildiyi kimi, ölkəmizin əsas  sərvəti ilk növbədə insan kapitalıdır. Bu  fikrin qayəsində ilk növbədə insan resursları durur.  Ona görə də düşünürəm ki,  ölkəmiz üçün mükəmməl iqtisadi kadrların hazırlanması baxımından Peşə təhsili haqqında qanun layihəsi dövlət siyasətinin prioritetinə uyğun  olmalıdır.
Peşə təhsili haqqında qanun layihəsində bir çox yeniliklər var. Belə ki, qanuna görə peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, bundan əlavə ali məktəblərə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, peşə məktəblərini bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyazların verilməsi, peşə təhsili fondunun yaradılması, xüsusilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların peşə məktəblərində dövlət hesabına təhsil almaları qanunda təsbit olunmuşdur. Hesab edirəm ki, bu, xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan əlbəttə ki, mütərəqqi qanun layihəsidir.
Ancaq bununla belə, eyni zamanda, düşünürəm ki, gələcəkdə peşə təhsilinin həyata keçirilməsində beynəlxalq təcrübədən istifadə edərək səmərəli metodların tətbiqinə nail olunması, peşə  təhsili sistemində istifadə olunan təhsil proqramlarının, dərslik və dərs vəsaitlərinin müasir tələblərə uyğun olması, ümumtəhsil məktəblərində peşəyönümlü işin gücləndirilməsi məqsədi ilə məktəb–peşə–ali məktəb üçbucağının  və vahid tədris planının yaradılmasına da geniş yer verilməlidir. Peşə təhsil müəssisələrinin rəhbərliyinə başqa ali təhsil məktəblərində və orta təhsil müəssisələrindəki kimi müəllimlərin deyil, ola bilsin ki, iş adamlarının cəlb edilməsi daha  məqsədəuyğun olardı. Burada bir çox məsələlər diqqət mərkəzində olmalıdır. Ümumilikdə peşə təhsilində əsas  nəzəriyyəyə deyil, təcrübəyə üstünlük verilməlidir. Vahid müəllim çox düzgün qeyd etdi ki,  təcrübənin çoxu hansısa şirkətlərdə, özəl müəssisələrdə keçirilməlidir. Özəl müəssisə təcrübəyə gələn bu insanları necə təmin edəcəkdir, hansı  maliyyə hesabından onlara maaş verəcəkdir, bunların hamısı burada düşünülməlidir. Çünki bu sistem demək olar ki, yenidən qurulur. Mövcud laboratoriyalar, cihazlar, hamısı dağılıb. Heç bir şey qalmayıb. Ona görə, mən də düşünürəm ki, konseptual baxımdan vacib bir məsələdir. Ancaq gələcək müzakirələrdə bir çox təkliflər verilməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Bu gün  çox vacib bir qanun layihəsinin müzakirəsinə başlayırıq. Artıq son iki ildə  Elm və təhsil komitəsi təhsil  sahəsinə aid ikinci qanununu bizə təqdim edir. Onların səmərəli işinə görə komitə üzvlərinə, şəxsən komitə sədri akademik İsa Həbibbəyliyə təşəkkürümü bildirmək istəyirəm. Çünki biz respublikamızda peşə təhsilinin qeyri-qənaətbəxş vəziyyətindən plenar iclaslarda bir neçə dəfə çıxış etmişdik. Bakının özündə, rayonlarda bir neçə müasir tipli peşə liseyləri istisna olmaqla peşə məktəblərinin əksəriyyətinin maddi-texnik bazası, ixtisasları, kadrları və sair indiki dövrə və əmək bazarına uyğun deyil. Oranı bitirən tələbələr çox vaxt  özlərinə iş tapa bilmirlər, ya da işə götürülən zaman bütün bilikləri və təcrübi vərdişlər sıfırdan öyrənməyə məcbur olurlar. Çox vaxt rayonlarda, kənd yerlərində yerləşən peşə məktəbləri bu və ya digər regiona daha lazımlı olan ixtisasları verə bilmirlər. Bir çox peşə məktəbləri əsaslı təmirə möhtacdır. Ümumiyyətlə, təhsilimizin bu sahəsi təzədən qurulmalı və yeni üsullarla idarə  olunmalıdır. Bu baxımdan təqdirəlayiq haldır ki, artıq bu islahatlara start verilib.
Bu yaxınlarda hörmətli cənab Prezidentimiz orta ümumi təhsil məktəbləri kimi peşə təhsili sahəsində də müəllimlərin biliklərinin artırılması və diaqnostikası təcrübəsinin tətbiq edilməsinə dair mühüm sərəncam imzalayıb. Bu həm peşə məktəblərində işləyən kadrların bilik səviyyəsinin, həm də maaşlarının artırılmasına gətirib çıxaracaq. Digər tərəfdən biz də parlament kimi bu zəruri islahatlara qanun şəklində dəstək veririk.
Qanun çox ciddi, peşəkarcasına və hərtərəfli işlənilib. Burada peşə təhsilinin bütün anlayışları, o cümlədən informal, qeyri-formal, inklüziv, yüksək texniki peşə təhsili və digər belə innovativ və dünyada artıq yayılan formalar verilib. Xoşuma gələn odur ki, “Peşə təhsili müəssisəsi” maddəsində yazıldığı kimi, dövlət peşə təhsili müəssisələri ilə bərabər bələdiyyə, özəl peşə təhsili müəssisələri də  yaradıla bilər. Həm də onların təsisçiləri sırasında dövlətlə bərabər, həm yerli, həm də xarici hüquqi şəxsləri, eyni zamanda, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri də görə bilərik. Məncə, bu, mütərəqqi və aktual bir əlavədir. Eyni zamanda, 4-cü, Peşə təhsilinin iqtisadiyyatı fəslində xüsusən, peşə təhsili sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul olmağa icazə verən 23-cü maddəni çox yüksək qiymətləndirirəm. Fikrimcə, bu mütərəqqi maddələr peşə təhsilinin canlanmasına, yerli və xarici investorların bu cür təhsil müəssisələrinə maraqlarının artırılmasına gətirib çıxaracaq.
Konseptual baxımdan mən bu qanunu tam hazır hesab edirəm. Lakin bir neçə  qeydim var. Bəzi maddələrdə bir-birini təkrarlayan və yaxın olan bəndləri birləşdirmək də olardı. Məsələn, 4-cü maddə, “Peşə təhsili sahəsində dövlətin vəzifələri” az qala 40 bənddən ibarətdir. Mənə elə gəlir ki, burada anlayışlar daha yığcam və ümumi olmalıdır. Məsələn, kadr məsələləri haqqında 3–4 bənddə deyil, bir bənddə vermək olar. Yaxud da peşə təhsili müəssisələrində təhsil alanları xüsusi iş geyimi formaları ilə təmin etmək olar. Məncə, bu, dövlətin işi deyil, ümumiyyətlə, qanunun predmeti deyil. Eyni zamanda, 7-ci,  “Peşə təhsilinin mahiyyəti və məqsədi” maddəsinə təzədən baxmaq olar. Burada söhbət peşə təhsili alanların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, azərbaycançılıq məfkurəsi, vətənpərvərlik və sair əsasında formalaşmasından gedir. Bütün bunlar yaxşıdır. Amma peşə təhsili üçün daha ön planda digər məqsədlər durmalıdır. Bu da XXI əsrin əmək bazarının texnoloji səviyyəsinə  uyğun olar. Xaricdən  ölkəmizə işləməyə gələn kadrlarla rəqabət apara biləcək yüksək ixtisaslı mütəxəssislər hazırlanmalıdır. Peşə təhsilinin mahiyyəti və əsas məqsədi budur. Lakin bu məqsəd 7-ci maddədə öz əksini tapmayıb. Bunun əvəzinə sahibkarlıq düşüncə tərzinin formalaşması, ya da geniş dünyagörüşünün olması kimi anlayışlar verilir. Məncə, hansısa çilingər, dərzi, aşpaz geniş dünyagörüşünə malik olmaya bilər. Sahibkar olmaq da onların əsas məqsədi deyil. Bizdə, maşaallah, sahibkar əlindən tərpənmək olmur. Lakin yaxşı  sənətkar, məsələn, santexnik tapmaq çətindir. Onlar çox vaxt xaricdən gətirilən türk qardaşlarımız olur. Ona görə 7-ci maddə, məncə, təzədən işlənməlidir və dəqiqləşdirilməlidir.
Başqa xırda qeydlərimi isə ikinci oxunuşda deyəcəyəm. Ümumilikdə isə qanun layihəsi konseptual baxımdan  birinci oxunuşda qəbul edilə bilər və ona məmnuniyyətlə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Çox sağ olun, cənab Sədr. Mən də düşünürəm ki, müzakirə etdiyimiz qanun layihəsi kifayət qədər tələb olunan zəruri bir qanun layihəsidir. Çünki bu gün Azərbaycanın qeyri-neft sektoru sürətlə inkişaf edir, qeyri-neft sektorunun içində olan sənaye və kənd təsərrüfatında hər il yeni iş yerləri açılır. Bu iş yerlərini ixtisaslı kadrlarla təmin etmək bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas vəzifədir. Ümumiyyətlə, təcrübə göstərir ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında əsas kadr mənbəyi ali təhsil müəssisələri deyil, məhz peşə təhsili müəssisələridir.
Biz bu gün dünyanın bir çox ölkələrinin, xüsusilə Avropanın inkişaf etmiş ölkələrinin təcrübəsinə fikir versək, görərik ki, Avropanın sənaye cəhətdən ən inkişaf etmiş ölkəsi olan Almaniyada sənayedə çalışan insanların 70 faizinin ali təhsili yoxdur. Bu gün İsveçrədə orta məktəbi qurtaran insanların 60 faizi seçimində ali təhsil məktəblərini deyil, məhz peşə məktəblərini seçirlər. Etiraf etmək lazımdır ki, bizdə sovet dövründə  peşə məktəblərinin imici o qədər də yaxşı deyildi. Yəni bizdə indiyə qədər peşə məktəblərində oxuyanlara ali təhsil məktəblərinə girə bilməyən, dərslərini o qədər də yaxşı oxumayan insanlar kimi baxırdılar. O vəziyyətə gəlib çıxmışdı ki, peşə məktəbini qurtarıb ali təhsil məktəbinə daxil olmaq mexanizmi belə yox idi. Amma artıq qanun layihəsində bu məsələlərin kifayət qədər əhatə olunması çox müsbət  bir amildir. Mən xüsusi qeyd etmək istərdim, bu gün dünyada texnologiyaların inkişafı o səviyyəyə gəlib çatıb ki, artıq bir çox  peşə təhsili müəssisələrində olan ixtisaslar ali təhsil məktəblərində olan ixtisaslarla eyniləşməyə başlayıb. Yəni bu gün, sadəcə, bir traktorçu traktor sürən sürücü demək deyil, ondan,  eyni zamanda, kompüter biliklərinə sahib olmaq da tələb olunur ki, bu da peşə təhsili müəssisələrində təhsilin səviyyəsinin  qaldırılmasını zəruri edir. 
Hesab edirəm ki, qanun layihəsində kifayət qədər müsbət və mütərəqqi maddələr mövcuddur. Bizim bu qanun layihəsini Almaniyanın, İsveçrənin və MDB-nin bəzi ölkələri ilə müqayisə etməyə imkanımız oldu. Düşünürəm ki, qanun layihəsində böyük təcrübədən istifadə olunub ki, bu da Azərbaycanda peşə təhsili üçün önəmli bir hadisə olacaq. Yəni burada peşə təhsili olanların ali təhsil məktəblərinə getmək imkanları və yaxud da  ali təhsil məktəbini qurtaran insanların yenidən peşə təhsili məktəbinin diplomunu almaq imkanları kimi mütərəqqi maddələr mövcuddur.
Cənab Sədr, biz bu yaxınlarda Sumqayıtda “Azərkim-ya” müəssisəsinin tərkibində olan texniki peşə məktəbində təhsillə tanış olmaq imkanı əldə etdik.  Bizim üçün gözlənilməz hal idi ki, Sumqayıtda texniki peşə məktəbində təhsil alanların əksəriyyəti ali təhsil diplomuna sahib olan tələbələr idi. Əslində, bu cür insanların işlə təmin olunması ilə bağlı tələb olunan mühəndislik biliklərini bəzi ali təhsil məktəblərində ala bilməmələri, yenidən texniki peşə məktəbinə üz tutmaları o deməkdir ki, texniki peşə məktəbinin inkişafı üçün cəmiyyətdə bir sosial sifariş  mövcuddur.
Konseptual cəhətdən mən də hesab edirəm ki, qanun kifayət qədər yüksək səviyyədə hazırlanıb. Amma fürsətdən istifadə edərək bir neçə məsələ ilə bağlı hörmətli İsa müəllimə müraciət etmək istərdim.  Qeyd edim ki, qanun layihəsində texniki peşə məktəblərində sahibkarlıq  fəaliyyətinin inkişaf etdirilməsi və onlara vergi güzəştlərinin tətbiq olunması ilə bağlı bir neçə maddə mövcuddur. Düşünürəm ki, vergi güzəştlərinin tətbiq olunmasında fiskal siyasətin tənzimlənməsi ilə bağlı müddəalarda daha həssas olmaq vacibdir. Çünki vergi güzəştlərinin iqtisadiyyatın hər hansı bir sektoruna tətbiq olunması həmin sahənin inkişaf etdirilməsi anlamına gəlmir. Ona görə düşünürəm, qanun layihəsində “etmək” sözü əvəzinə “edilə bilər” terminindən istifadə edilməsi daha məqsədəuyğun olardı ki, iqtisadiyyatın digər qanunları da  tənzimlənə bilsin.
Digər bir tərəfdən hesab edirəm ki, qanun layihəsinə hökmən “tənzimlənən peşələr” anlayışını daxil etmək vacibdir. Çünki bu gün  iqtisadiyyatın bir çox sahəsində cəmiyyətin sağlamlığı üçün çalışan peşə sahibləri var ki, işə qəbul ediləndə diplom belə tələb olunmur. Yəni bu gün  özəl sektorda restoranlara aşpaz işə götürürsə, həmin aşpazdan ümumiyyətlə, aşpazlıqla bağlı hər hansı bir məktəbi qurtarması barədə diplom tələb olunmur. Yəni dünyanın əksər ölkələrdə bu tipli peşə sahibləri tənzimlənir.  Dövlət isə istənilən halda belə işlərə qəbul zamanı hər hansı bir sertifikatın, diplomun olmasını tələb edir. Düşünürəm ki, belə bir maddənin də qanuna daxil edilməsi yaxşı olardı. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Əvvəla, bu qanun layihəsinin hazırlanması mənə  çox xoşdur. Səbəbini deyərəm. İsa müəllimə, komitə üzvlərinə təşəkkür edirəm ki, belə bir ciddi qanun layihəsini ərsəyə gətiriblər. İsa müəllim özü  çox hərtərəfl yanaşdığına görə, təkrarçılıq etmək istəmirəm. Yəni sovetlər vaxtında fəaliyyət göstərən peşə məktəbləri dağıldı. Həmin peşə məktəblərinin binaları, biləsiz, başqa təşkilatlara verildi. İcarəyəmi verildi, satıldımı, bilmirəm. Yəni onların hər cür bazası olan binaları var idi.
Bu gün ən vacib bir məsələdir ki,  son 3–4 ildə bizim Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşdı, yeni peşə məktəbləri açıldı və eyni zamanda, ayrıca  təşkilat yarandı. Bu gün Azərbaycanda təkcə kənd təsərrüfatında 10 minlərlə texnikanı bilən, kənd təsərrüfatını bilən adamlar lazımdır, çünki bunlar artıq yoxdurlar. Ali təhsilli adamlar  gedib o sahədə çalışmırlar. Yəni Azərbaycanda kənd təsərrüfatında tətbiq olunan texnikanı kimdən öyrənirlər? Atalarından öyrənirlər, onlar da dəqiq bilə bilməyəcəklər, çünki təhsilləri yoxdur, yalnız sürməyi bilirlər. Halbuki peşə məktəbləri, eyni zamanda, kənd təsərrüfatında çalışanlar üçün çox böyük bir məktəb idi. Təkcə Ağdamda 5 peşə məktəbi var idi. Biri də Ağcabədidə  idi, Ağcabədinin kənd təsərrüfatını əhatə edə bilirdi, mütəxəssislər verə bilirdi. Bu mənada mən bu qanunu alqışlayıram və inanıram ki, normal yerinə yetiriləcək, yəni kağız üzərində qalmayacaq.
Oqtay müəllim, mən bir məsələni də Sizin nəzərinizə çatdırmaq istəyirəm. Əslində, ona görə söz aldım. Bu məsələ təhsilimizlə bağlıdır. Füzuli rayonunun müəllimləri xahişlərini mənə yazıblar ki, Sizə çatdırım, kömək edəsiniz. Mehdiabad qəsəbəsində Füzuli rayonunun tam orta məktəbi var idi. Bu tam orta məktəb uzun illər idi ki, çox acınacaqlı bir vəziyyətdə Mehdiabad qəsəbəsində zirzəmidə yerləşirdi. Özüm də orada olmuşam. İndi orada Heydər Əliyev Fondu ən müasir tələblərə cavab verən möhtəşəm bir orta məktəb tikib. Çox gözəl. Amma  təəssüf ki, həmin orta məktəb Abşeron rayonunun təhsil şöbəsinə verilib, onu Abşeron rayonu formalaşdırmalıdır və sair. Bunu Bahar xanım da bilir və dəfələrlə buraya müəllimlər də gəliblər, işsiz olduqları barədə müraciət ediblər. Təbii ki, o bizim işimiz deyil, Nazirlər Kabinetinin işidir, onların əmək haqlarının kəsilməsi Milli Məclisin işi deyil, yəni bu işlə onlar məşğul olmalıdırlar. Füzuli rayonunun həmin tam orta məktəbində  həm də laçınlılar, ağdamlılar çalışırdılar. Deyək ki, köçkün rayonun əhalisi təkcə füzulilərdən ibarət deyil. Əgər belə bir məktəb tikilibsə və fəaliyyət göstərirsə, niyə bu məktəb elə Füzuli rayonunun tam orta məktəbi olmasın? Mən çox xahiş edirəm, Oqtay müəllim, bu məsələdə öz köməkliyinizi əsirgəməyəsiniz, o müəllim kollektivinin məktubu da var, Sizə çatdıra bilərəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, Oqtay müəllim. Çalışacağam qısa danışım, yəqin ki, həmkarlarım yorulublar. Təbii ki, mən də bu qanun layihəsini dəstəkləyirəm. Amma elə hesab edirəm ki, birinci oxunuşa təqdim olunduğu üçün biz öz fikirlərimizi növbəti oxunuşlarda daha geniş bildirə bilərik.
1-ci fəsillə bağlı. 1.1.7-ci maddədə informal peşə təhsili nəzərdə tutulub. Bu, özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bəlkə gələcəkdə elə sahələr olacaq ki, mütləq peşə təhsili olan insanlar orada işə qəbul olunacaqlar. Amma bu cür özünütəhsil yolu ilə biliklərə yiyələnmək sabah saxta şahədətnamələrin, diplomların alınmasına gətirib çıxarmayacaqmı? Bu mənim sualımdır.
Başqa bir məsələdə də anlaşılmazlıq var. 1.1.27-ci maddədə  “peşə təhsili müəssisəsində müdavim” ifadəsinin qarşısında  “peşə təhsili müəssisələrində 1 ilədək təhsil alan şəxslər” yazılır. Amma qanunun 9.8.2-ci maddəsində isə göstərilir ki, tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün  təşkil edilən qruplarda təhsil 6 aydır. Yən bayaq göstərdiyim bənddə 1 il göstərilirdisə, 9.8.2-ci maddədə 6 ay nəzərdə tutulur. Bu ziddiyyət aradan qaldırılmalıdır.
Sonda, 26-cı maddədə qanunvericiliyin pozulmasına görə  bir neçə məcəllənin  adı çəkilir. Mən belə hesab edirəm ki, ümumiyyətlə, bu qanun layihəsində təkrarçılığa yol verməmək üçün bunu belə yazmaq olar: “bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Orada Cinayət Məcəlləsini, Mülki Məcəlləni, İnzibati Məcəlləni sadalamağa ehtiyac yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də İsa müəllimə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, çox gözəl bir layihə təqdim edib. Bu gün, doğrudan da, ölkədə peşə təhsilinə böyük ehtiyac var. Ümumiyyətlə, qeyd edim ki, bizim parlamentdə bu çağırış Elm və təhsil komitəsi tərəfindən çox yaxşı qanunlar təqdim olunubdur. İstər “Elm haqqında”, istər “Təhsil haqqında” Qanunun təkmilləşməsi, istər  məktəbəqədər təhsil sisteminin formalaşması və son nəticə olaraq da Peşə təhsili haqqında qanun layihəsinin təqdim olunması vacibdir. Hesab edirəm ki, bu gün peşə təhsilinin özü ali təhsilə bərabər olacaq bir məsələdir. Ona görə də burada sırf ali məktəblərə diplom dalıyca gedənlərin deyil, peşə, ixtisas dalıyca gedənlərin üstünlüyü öz əksini tapacaqdır.
Biz bu yaxınlarda bir neçə konfransda iştirak etdik. Burada elmin istehsalata tətbiqindən söhbət gedirdi. Dəfələrlə şahidi olmuşuq ki, filankəsin filan qədər məqaləsi çap olunub. Filan qədər elmlər doktoru  yetişdirilib. Filan qədər elmlər namizədi yetişdirilib və sair. O statistikadan hələ ortaya bir təqdim olunanı yoxdur ki, onun neçəsi istehsalata tətbiq olunub və bundan dövlət nə qədər xeyir götürübdür. Biz istər Müəllif Hüquqları Agentliyi, istərsə də Milli Elmlər Akademiyası ilə birgə bu cür konfranslar keçiririk və baxırıq ki, yazır, müdafiə edir, deyir ki, mən elmlər doktoru və yaxud elmlər namizədi oldum. Bunun cəmiyyətə nə xeyri var? Arada da deyəcək ki, elmlər doktorudur, namizəddir, bu qədər əmək haqqı əlavə verilməlidir. O halda verilməlidir ki, onun elminin nəticəsindən cəmiyyət nə isə bəhrələnsin, xeyir görsün. Dövlət xeyir görsün. Əgər dövlət xeyir görmürsə, sadəcə, bu özü üçün nə isə bir şey yazıb ortaya qoyursa, bunu müdafiə edirsə və nəticə çıxarırsa, mən güman eləmirəm bunun əhəmiyyəti olsun. Bu gün bizim qəbul elədiyimiz peşə ixtisası ilə bağlı layihədə söhbət bilavasitə o fərdin cəmiyyət üçün verdiyi xeyirdən gedir. Əgər o yaxşı elektrik olmasa, təbii ki, onu heç kəs işə götürməyəcək. Əgər o yaxşı bənna olmasa, təbii ki, onu hər hansı bir şirkət işə götürməyəcək.
Bu gün siyahıya baxanda, doğrudan da, görürsən ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ixtisaslara ehtiyac var, məşğulluqla bağlı keçirilən toplantılarda bu cür ixtisaslara malik olan şəxslər ən yüksək əmək haqqı ilə tələb olunur. Təəssüflər olsun ki, keçmiş sovetlər birliyi dağıldıqdan sonra SOCAR-ı çıxmaq şərti ilə qalan təşkilatlarda belə kadrların yetişdirilib hazırlanması hələ ki, gündəmdə deyil. O baxımdan da mən hesab edirəm ki, bu vacib olan məsələdir.
Digər bir məsələ. Bir statistikanı nəzərinizə çatdırmaq istəyirəm.  Almaniyanın özündə çalışırlar ki, oraya gələn miqrantların içərisindən bu cür mütəxəssisləri seçib işə cəlb eləsinlər. Elə sahələr var ki, orada minlərlə o cür ixtisas sahibinə ehtiyac var. Birinci növbədə həmin insanları cəlb eləyirlər. O baxımdan da qanun vacibdir, zəruridir. Səs verib, qəbul etsək, gələcəkdə yeni iş yerlərinin açılmasına, ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac duyular.  Artıq  texniki peşə təhsili ali təhsillə  rəqabətə girər və bunun nəticəsində də bir inkişaf olar. Təşəkkür edirəm.
Sədrlik edən.  Sağ ol. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, heç şübhəsiz ki, bu, vacib və lazımlı bir istiqamətdir. Mən də təhsil komitəsinə, hörmətli akademikimizə bu məsələni gündəliyə çıxartdığına görə təşəkkürümü bildirmək istəyirəm. Təhsil sahəsində gedən böyük islahatlar, heç şübhəsiz ki, peşə istiqaməti olmadan heç bir nailiyyət əldə edə bilməz. Bu gün bu islahatlar hər  sahədə gedir. Biz ali məktəblərlə, orta məktəblərlə bağlı artıq bir neçə dəfə  burada, parlamentdə müzakirələr etmişik. İndi də peşə təhsili ilə bağlı çox vacib olan qanunu müzakirə edirik. İsa müəllim ilə biz bu barədə bir neçə dəfə söhbət də eləmişik.
Bu qanunun geniş ictimai müzakirəyə böyük ehtiyacı var. Təkcə ona görə yox ki, orada yeni ideyalar olacaq. Həm də ona görə ki, artıq bütün dünyada peşə istiqaməti tamamilə fərqli bir yol ilə gedir. Bu yol nədən ibarətdir? Burada heç bir yeniliyə, yəni yeni bir icada ehtiyac yoxdur. Artıq bir sıra ölkələr var, – burada mənim həmkarlarım o ölkələri dedilər, – onlar demək olar ki, bütün elmi təhsil potensiallarını peşə istiqamətinə yönəldiblər. Bu gün bizim Elmlər Akademiyasının, onun institutlarının fəaliyyəti mütləq şəkildə  peşə istiqamətləri ilə bağlı olmalıdır. Yən bizim Elmlər Akademiyasının nəzdində bir neçə böyük institutumuz var. İndi burada bu, tənqid kimi deyilmir. Bu, sadəcə, ona görə deyilir ki, əgər bu gün biz peşənin inkişafı ilə bağlı müzakirə ediriksə, elmin peşə ilə birlikdə fəaliyyətsiz olması heç bir nəticə verməyəcək. Ona görə İsa müəllimdən xahiş edirəm ki, biz bu istiqamətdə birgə müzakirələr aparaq. Elmlər Akademiyasının çoxsaylı institutlarının işçiləri dəvət olunsunlar. Bayaq Siyavuş müəllim dedi, onlar bizə rəqəmlər göstərsinlər ki, bu illər ərzində hansı yeniliklər, hansı icadlar olub ki,  peşə istiqamətinə inteqrasiya edilib. Yəni biz bu gün bütün məsuliyyəti dövlətin boynuna qoyaq, bu binaları tikək, orada olan proqramları təsis edək. Amma əgər peşəyə ehtiyac olmayacaqsa və peşə konkret gəlir gətirməyəcəksə, bu istiqamətlərdə yenə də bu, dövlətə  işləməyəcək. Ona görə indi konseptual müzakirə edirik.
Mən  çox istəyirəm ki, bu istiqamətdə birgə müzakirə aparaq. Eyni zamanda, bu gün Bakı şəhərindəki bir neçə peşə məktəbini çıxmaq şərti ilə, əksəriyyəti regionda açılmalıdır. Bu gün ehtiyacımız olan əsas peşələr məhz regionlardadır. Təbii ki, tikinti və digər böyük layihələr Bakıda həyata keçirilir. Amma kənd təsərrüfatı istiqamətlərinin hamısı regionlardadır. Bu gün biz sahibkarları cəlb eləməliyik ki, onlar peşə məktəblərinin açılmasında maraqlı olsunlar. Bu gün artıq dövlətdən asılılıq minimuma endirilməlidir. Yəni qanunun fəlsəfəsi, məncə, bu olmalıdır. Biz çalışmalıyıq ki, kiminsə yeni istehsala ehtiyacı varsa,  bu peşə məktəblərinin inkişaf etdirilməsinə sövq olunsun. Bu, hansısa bir mərhələdə nazirlik də ola bilər. Bu gün yen publik hüquqi şəxslər daha çox açılıb, bu sahədə yeni istiqamətlər var, yəni onlar da ola bilərlər. Amma mən yenə də vurğulamaq istəyirəm, İsa müəllim, Elmlər Akademiyasının fəaliyyətsizliyi ilə bu işdə biz uğur qazana bilmərik. İkisindən biri qalmalıdır, faktiki olaraq bu gün dövlətə xidmət eləyən qalmalıdır və yaxud da biz başqa bir yanaşma sərgiləməliyik. Hamısını dövlət eləsə, bunun nəticəsi, mən başa düşürəm ki, bu gün bizim üçün bir az  çətin olacaq.
Biz bu yaxınlarda Oqtay müəllimin başçılığı ilə Belarusda olduq. Orada müəssisələrdə olduq, insanlarla görüşdük. Yəni onlar tam olaraq peşə istiqamətlərinə keçiblər. Elə peşə istiqamətlərini inkişaf etdiriblər ki, həm Belarusda, həm də ətraf ölkələrdə bu peşələrə çox böyük ehtiyac var. Biz də buna baxmalıyıq. Yəni indi burada mən maddə-maddə getmək istəmirəm.
Ümumi olaraq mən bu qanunu dəstəkləyirəm. İkinci oxunuşa biz komitə üzvləri olaraq hazırıq, bunu müzakirə eləmişik. Mən çox istəyirəm ki, biz kiçik laboratoriyaların inkişafı məsələsinə baxaq. Yəni bu gün böyük icadların hamısı kiçik laboratoriyalarda startap layihələr ilə həyata keçirilir. Yəni bu artıq dünyanın reallığıdır.  Biz bu reallığı nə qədər tez qəbul eləsək, o qədər tez bir zamanda nəticə görəcəyik. Təbii ki, yeni iş yerlərinin açılması məsələsi prioritet olaraq qalır. Cənab Prezident bütün çıxışlarında bunu xüsusi vurğulayır. Mən də qanunu dəstəkləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bəzi çıxışlara çox diqqət ilə qulaq asdım. Hələ qanun layihəsi təzədir, indidən tənqidlər və şübhələr  başlayıb. Yəni yeni qanun layihəsidir. Birincisi, mən cənab İsa Həbibbəyliyə öz dərin minnətdarlığımı bildirirəm. Bizim İsa müəllim ilə bu qanun ətrafında söhbətimiz olub. Bu qanun çox vacib qanundur və İsa müəllimin komitəsi də faydalı iş əmsalı göstərib. Bayaq Siyavuş müəllim dedi ki, müdafiə eləyəndə nə iş görüblər. Hər müdafiə eləyənlərin işini biz üst-üstə qoysaydıq, əgər onların faydalı iş əmsalı olsa idi, heç bundan sonra elmə ehtiyac olmazdı. Bu, birinci məsələ. Ancaq texniki peşə məktəblərinə üstünlük versək, onlara lazım olan dövlət dəstəyini versək, onun nəticəsi daha tez olar. Ona görə, gəlin, ilk növbədə baxaq ki,  biz bu qanun layihəsinə nə dəstək verə bilərik, onu necə cilalaya bilərik. Konseptual baxımdan münasibət bildirildi. Hesab edirəm ki, artıq ikinci oxunuşda hər kəs bu qanuna çox diqqət ilə yanaşacaq. İsa müəllim, nə isə demək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
İ.Həbibbəyli. Təşəkkür edirəm. Millət vəkillərinə konseptual oxunuş keçirilməsinə baxmayaraq, o çərçivədə qiymətli fikirlər söylədikləri üçün minnətdarlığımı bildirirəm. Həmin fikirlərin yaxşılarından  qanunun ikinci oxunuşa hazırlığında əlbəttə ki, yararlı şəkildə istifadə edəcəyik. Bu mənim üçün faydalı oldu. Axırda bir-iki məsələyə çox qısa aydınlıq gətirmək istəyirəm. Əlbəttə, peşə məktəbinin əsas vəzifəsi mütəxəssis hazırlamaqdır. Amma təhsilin bütün pillələrində, məktəbəqədər təhsildə, orta təhsildə, peşə təhsilində, ali təhsildə və doktorantura təhsilində də təhsilin ümumi vəzifəsi vətəndaş hazırlamaqdır. Biz Azərbaycan vətəndaşı olan ustanın Azərbaycan cəmiyyətinə daha çox fayda verəcəyini görürük. Ona görə ki, milli-mənəvi dəyərləri olmayan, azərbaycançılıq təfəkkürü olmayan adamdan bu cəmiyyət üçün normal usta  çıxmaz. Azərbaycançılıq, milli-mənəvi dəyərlər həmin ustanın  kamil insan, şəxsiyyət, ölkənin maraqlarına  uyğun olan vətəndaş kimi yetişməsi üçün çox faydalıdır. Mən hesab edirəm ki, qanun layihəsində azərbaycançılıq və  milli-mənəvi dəyərlər ilə bağlı olan müddəaların qorunub saxlanılması vacibdir.
Bir kiçik məsələyə də münasibətimi bildirmək istəyirəm. Maddələrin birində bir, digərində başqa söz yazılmasına aydınlıq gətirim. Düzdür, burada tam araşdıra bilmədim. Amma  indiyə kimi peşə məktəblərində oxuyanların hamısına şagird deyirdilər. Bir peşə məktəbi vardı. Orada da usta hazırlayırdılar. Orta təhsil sənədi də verirdilər. Onların hamısına elə şagird deyilirdi. İndi burada qanunda yazırıq ki, 6 ay təhsil alana şagird,    1 il təhsil alana müdavim, 1 ildən çox təhsil alana tələbə deyilsin. Maddəni bir qədər də  dəqiqləşdirərəm.
Azərbaycan Milli Elmlər Akademiyasının texniki peşə təhsili ilə əlaqələri barədə deyilən sözlərə dəstək verirəm. Azərbaycan Milli Elmlər Akademiyası ölkədə təhsilin bütün pillələrinə, ali təhsilə, o cümlədən texniki peşə təhsilinə də dəstək verməyə, inteqrasiya olmağa hazırdır. Hətta hazırda elə bir proses gedir ki, cənab Prezidentin sərəncamı ilə akademiyada yaradılan Yüksək Texnologiyalar Parkı, onun nəzdində fəaliyyət göstərən Təcrübə-Sənaye Zavodu artıq akademiyanın özündə peşə təhsili müəssisəsinin açılması zərurətini meydana qoyur. Çünki orada artıq istehsalat vardır. Bu istiqamətdə, yəni həm akademiyada peşə təhsili məktəbinin açılması, həm də akademiya alimlərinin peşə təhsili müəssisələrinə inteqrasiya olunması baxımından faydalı bir iş görəcəyik. İnformal təhsil qanunda öz əksini tapıb, bu, dünya təcrübəsində də var. Ona da sertifikat verilməsi qeyd olunub. Amma hansı qaydada sertifikat verirlər, onun imtahanı  necə olacaq, bunları dəqiqləşdirməyə ehtiyac var. Biz bunu dəqiqləşdirəcəyik. Bütövlükdə minnətdarlığımı bildirirəm. Təkmilləşdirəcəyik və sizə hesabat verəcəyik.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, konseptual cəhətdən qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. İclasımız sona çatdı. Sağ olun.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU