13.02.2018 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 57

Milli Məclisin iclas salonu.
13 fevral 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 95
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Ramiz Rzayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.

* * *

Qasım Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.

* * *

Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Zahir Əlizadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Cəfər Zülfüqarov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi əvəzi.
Ruslan Osmanlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
Səfa Cəfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsləhətçisi.
Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri.

* * *

Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
4. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
5. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

1. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

2. R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli,  Ramiz Rzayev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

3. Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, İsa Həbibbəyli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

4. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vilayət Zahirov, Elmira Axundova, Arif Rəhimzadə, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, Kamran Bayramov, İsa Həbibbəyli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.13 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Ziyafət Əsgərov, Əli Məsimli, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Mahir Abbaszadə, Eldar İbrahimov, Elşən Musayev, Əli Hüseynli, Şəmsəddin Hacıyev, İlham Əliyev

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.33 dəq.)
Lehinə 87
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.40 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

8. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

11. “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Valeh Ələsgərov, Oqtay Əsədov, Elmira Axundova, Aqil Abbas

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.53 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

13. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

14. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.57 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Kamran Bayramov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.01 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.02 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

17. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.04 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

19. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Ziyafət Əsgərov, Fazil Mustafa, Tahir Rzayev, Elşən Musayev, Jalə Əliyeva, Qənirə Paşayeva, Hikmət Məmmədov,  Natiq Məmmədov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.56 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

13  fevral  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 95
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə də münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.

Hörmətli millət vəkilləri, keçən iclasda müzakirə aparmışdıq. Əgər etirazınız yoxdursa, bu gün iclasımızı müzakirəsiz keçirək, çünki gündəlikdə məsələlər çoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Gündəliyin birinci məsələsi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əlavə edilməsi ilə bağlı təklif daxil olub. Qanuna yeni 73.9-cu maddə əlavə edilir. Təklif olunan dəyişikliyin məqsədi Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusunun Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulması ilə bağlıdır.
Hörmətli həmkarlar, bir çox ölkələrdə imkan yaradılır ki, beynəlxalq məhkəmədə və ya beynəlxalq qurumda  işləmək üçün həmin şəxslər öz milli karyeralarında fasilə etsinlər, yəni sonradan müəyyən bir status əldə etmiş olsunlar. Bu baxımdan hesab edirəm ki, cənab Prezident tərəfindən təklif olunmuş bu layihə kifayət qədər ədalətlidir. Amma eyni zamanda, qeyd etmək istərdim ki, Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatların ancaq bir hissəsi Azərbaycan Respublikasından seçilmiş hakim üçün nəzərdə tutulur. Hörmətli həmkarlar, sizdən layihəyə səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Gündəliyin 2-ci məsələsi R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox  sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Rzayev Ramiz Yaqub oğlunun Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimat daxil olmuşdur.
Hörmətli həmkarlar, bilirsiniz ki, hazırda Ramiz Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. O, 2005-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsində çalışır. Ramiz müəllimi tanıyanlar bilir ki, o hələ prokurorluq orqanlarında çalışarkən dövlətçiliklə bağlı prinsipial mövqedə olan bir şəxs olmuşdur. Ali Məhkəmənin sədri olarkən də Ramiz müəllim prinsipial, ədalətli, qanunun aliliyinə hörmət edən bir şəxs kimi tanınmışdır.
Qeyd etmək istəyirəm ki, bu dövrdə Ali Məhkəmə həm də qanunvericilik təşəbbüsü subyekti kimi çox fəal çıxış etmişdir. İnsan hüquqlarınnın müdafiəsi ilə bağlı bir sıra qanun layihələrinin müəllifi məhz Ali Məhkəmə olmuşdur. Belə ki, “İcra haqqında” Qanuna, Mülki Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə edilən bir sıra dəyişikliklər məhz Ali Məhkəmə tərəfindən təklif olunmuşdur.
Təsadüfi deyil ki, cənab Prezident məhkəmə hakimiyyətində  səmərəli fəaliyyətinə görə Ramiz müəllimi 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif etmişdir. Son dövrlər Ali Məhkəmədə fəaliyyət göstərən işçi qrupları bir sıra ciddi qanun layihələrinin hazırlanmasında, xüsusilə Cinayət Məcəlləsinin humanistləşdirilməsində səmərəli fəaliyyət göstərirlər.
Bilirsiniz ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun “Keçid müddəaları”nın 7-ci bəndinə görə, son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. 5 fevral tarixində Məhkəmə-Hüquq Şurası Ramiz Rzayev haqqında belə bir qərar qəbul etmişdir və cənab Prezident bu qərarı dəstəkləyərək Milli Məclisə müraciət etmişdir.
Hörmətli həmkarlar, söylədiklərimi və sizin də Ramiz müəllimin fəaliyyəti ilə bağlı bildiklərinizi nəzərə alaraq Ramiz Yaqub oğlu Rzayevin yenidən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin edilməsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim elə təqdimat verdi ki, mən təkrar eləmək istəmirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Təbrik edirəm, Ramiz müəllim. Ramiz müəllimə mikrofon verin.
R.Rzayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənə göstərilən etimada görə ilk növbədə möhtərəm cənab Prezident İlham Əliyevə, Milli Məclisin hörmətli deputatlarına, Məhkəmə-Hüquq Şurasına öz minnətdarlığımı, təşəkkürümü bildirirəm və çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Təşəkkür edirəm.
Sədrlik edən. Ramiz müəllim, çox sağ olun, bir daha təbrik edirik. Buyurun, gedə bilərsiniz.
Gündəliyin 3-cü məsələsi Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məhkəmə-Hüquq Şurasının növbəti təklifi Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı olmuşdur. Bu təklif də cənab Prezident tərəfindən dəstəklənmiş və Milli Məclisə təqdim olunmuşdur.
Qasım Əliyevin xidməti fəaliyyəti ilə bağlı sizdə məlumat var. O, uzun illər Naxçıvanda prokurorluq orqanlarında çalışıb. Amma 2003-cü ildən Naxçıvanda hakim vəzifəsində çalışıb. Son dövrlərdə isə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışır. Belə təcrübəli bir şəxsin Naxçıvan Ali Məhkəməsinin hakimi qismində fəaliyyəti təqdirəlayiqdir. Odur ki, cənab Prezidentin təklifinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli çıxış eləmək istəyir. Buyurun.
İ.Həbibbəyli. Bundan əvvəl yekdilliklə səs verdiyimiz hörmətli Ramiz müəllimi Azərbaycan cəmiyyəti möhtərəm Prezidentimizin ölkəmizdə apardığı hüquq siyasətini, hüquq sahəsindəki islahatları uğurla həyata keçirən həm professional hakim, həm də mükəmməl bir dövlət idarəçisi kimi qəbul eləyir.
Eyni zamanda, indi müzakirəyə çıxarılan Qasım Əliyev də Naxçıvan Muxtar Respublikasında həm prokurorluq orqanlarında, həm də məhkəmə sistemində çalışaraq addım-addım irəliləmiş və bütün pillələrdə özünü ədalətli və professional hüquq işçisi kimi tanıtmışdır. Çox professional və təcrübəli bir hakimdir. Naxçıvan Muxtar Respublikasında özünəməxsus nüfuza malikdir. Hesab edirəm ki, Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi seçilməsi bu istiqamətdə aparılan işlərin daha da möhkəmlənməsinə öz səmərəsini verəcəkdir. Mən də həmkarlarımı Qasım Əliyevə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. Qasım müəllim, Sizi də təbrik edirik.
Gündəliyin 4-cü məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Ədliyyə nazirinin müavini hörmətli Vilayət Zahirov buyursun.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2017-ci il üzrə illik məruzə diqqətinizə təqdim olunur. Qeyd etmək istəyirəm ki, keçən il illik məruzə dinlənilərkən Milli Məclisin plenar iclasında, həmçinin Regional məsələlər komitəsində irəli sürülmüş təkliflər, tövsiyələr diqqətlə öyrənilmiş və nəzərə alınmışdır.
Bir neçə gün əvvəl Regional məsələlər komitəsində bu il təqdim olunan illik məruzənin geniş, konstruktiv müzakirəsi keçirilmiş, deputatlar və iclas iştirakçıları tərəfindən bir çox dəyərli fikirlər səslənmişdir. Bildirmək istəyirəm ki, bu səslənən fikirlər diqqətlə təhlil olunacaq, bələdiyyələrin işinin təşkilində inzibati nəzarətin həyata keçirilməsində nəzərə alınacaqdır.
Hörmətli deputatlar, yola saldığımız 2017-ci il ölkəmizin tarixində geniş, hərtərəfli, sürətli islahatlar ili kimi yadda qalacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin dövlət inkişaf kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildə ölkəmizin sabit və təhlükəsiz inkişafı təmin edilmiş, ardıcıl və məqsədyönlü islahatlar aparılmaqla sosial-iqtisadi tərəqqiyə nail olunmuş, iqtisadiyyatımızın bütün istiqamətlərində, xüsusilə qeyri-neft sektorunda artım müşahidə edilmiş, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, turizmin inkişafı, əhalinin məşğulluğunun yaxşılaşdırılması üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadi rəqabət qabiliyyətliliyinə görə Davos Dünya İqtisadi Forumunun hesabatında 140 ölkə arasında 35-ci yerə yüksəlmiş və MDB məkanında liderliyini qoruyub saxlamışdır.
Ölkəmizin təşəbbüskarı olduğu iri miqyaslı neft və qaz layihələrinin uğurla həyata keçirilməsi, “Əsrin kontraktı”nın müddətinin uzadılması ilə bağlı yeni sazişin imzalanması, həmçinin Avropa ilə Asiyanı birləşdirən dünya əhəmiyyətli Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionda sülhə və sabitliyə, iqtisadi inkişafa böyük töhfə olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yol Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməklə onun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıracaqdır.
Mültikultural və tolerant dəyərlərə sadiq ölkə kimi tanınan Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” çərçivəsində keçirilmiş dünya miqyaslı mühüm ictimai-mədəni tədbirlər, mötəbər beynəlxalq forumlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizin uğurla ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları dövlətimizin qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir.
Yola saldığımız ildə “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasına uyğun olaraq demokratik quruluşun əsaslarından biri olan yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin səmərəliyinin artırılması üzrə də mühüm tədbirlər  görülmüş, bir sıra yeni normativ hüquqi aktlar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun qəbul edilmiş, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyənin statusu haqqında” qanunlara əhəmiyyətli dəyişikliklər edilmişdi.
Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”nin Tədbirlər Planında bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması barədə tapşırığın icrası üçün Ədliyyə Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılmış, 2017-ci il üçün tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Kənddə iş yerlərinin sayının çoxalmasına, kənd qadınları və gənclərinin kəndin sosial həyatında fəal iştirakına yönəlmiş bu işlər 2018-ci ildə də davam etdiriləcəkdir.
Yerli özünüidarə sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi olaraq yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin iştirakı güclənmiş, onların əhali ilə əlaqələri xeyli yaxşılaşmış, bir çox sosial layihələrin uğurla yerinə yetirilməsi bələdiyyələrə olan inamı artırmışdır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və səmərəliyin artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri Ədliyyə Nazirliyi üçün prioritet olmaqla daim diqqət mərkəzində saxlanılmış və nazirliyin iş planlarına bu barədə xüsusi tapşırıqlar daxil edilmişdir. Həmçinin nazirliyin bu sahədə mühüm rol oynayan regional ədliyyə qurumlarının statusu yüksəldilmiş, bələdiyyə fəaliyyəti ilə bağlı səlahiyyətləri genişləndirilmişdir.
2017-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 64788 bələdiyyə aktı daxil olmuşdu. Onların hər biri diqqətlə öyrənilərək qanunvericiliyə uyğunluğu inzibati nəzarət qaydasında yoxlanılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olmayan 1979 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur. Onlardan 740 ləğv edilmiş, 714 dəyişdirilmiş, digərləri isə baxılmaqdadır. Bələdiyyə aktlarının ləğvi və dəyişdirilməsi ilə bağlı nazirlik tərəfindən cəmi 3 halda, yəni əvvəlki ilə nisbətən 9 dəfə az məhkəmələrə müraciət olunmuşdur. Bu azalma bələdiyyələrin ötən il qanunçuluğa daha ciddi riayət etmələri nəticəsində olmuşdur.
Bələdiyyə torpaqlarının idarə edilməsi, o cümlədən torpaqdan istifadə ilə bağlı bələdiyyələrlə aparılmış davamlı maarifçilik tədbirləri də öz bəhrəsini verməkdədir. Nəticədə 2016-cı illə müqayisədə torpaq qanunvericiliyinin pozulması halları əhəmiyyətli dərəcədə – 3 dəfədən çox azalmışdır. Bütövlükdə 2636 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
Ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının inzibati nəzarət orqanına vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində cərimə məbləğinin artırılması və müvafiq maarifləndirmə işi 2017-ci ildə bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən inzibati xətalara yol verilməsi hallarının da azalmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 98 (2016-cı ildə isə bu rəqəm 156 olmuşdur) inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir.
Protokollar, eləcə də müraciətlər əsasında araşdırma zamanı ölkə üzrə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4378 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınması zəruriliyi göstərilmişdir.
2017-ci ildə Ədliyyə Nazirliyinə bələdiyyələrlə  bağlı 2252 müraciət daxil olmuşdur ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavablar verilmiş, 41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılmışdır. 51 müraciətdə qaldırılan məsələlər öz müsbət həllini taparaq təmin edilmişdir.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmiş, bölgə sakinləri üçün rahat və əlverişli şərait yaradılması məqsədi ilə virtual qəbul təcrübəsi genişləndirilmiş, nəticədə vətəndaşların müraciət etmə imkanları xeyli asanlaşmışdır. Eyni zamanda, daxil olan müraciətlərə diqqət daha da artırılmış, müraciətlərdə göstərilən və şikayət üçün səbəb olan hallar ətraflı araşdırılmışdır.
Müraciətlərə əsasən başlanan inzibat nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları, o cümlədən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və sair qanunsuz əməllərin əlamətləri aşkar olunmuşdur. Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən  aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmiş və müvafiq tədbirlər görülmüşdür. İlin sonuna qədər 15 fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, digər materiallar isə baxılmaqdadır. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin  fəaliyyətində qanunçuluğun  möhkəmləndirilməsi, qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi yönündə  tədbirlər davam etdirilir və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq gücləndirilir.
Bələdiyyələrin  fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı  aşkar olunmuş xarakterik nöqsanlar, o cümlədən torpaq sahələrinin ayrılması ilə bağlı yol verilən qanun pozuntuları, bu halları doğuran səbəb və şərait, onları aradan qaldırılması üçün görülmüş təbdirlər üzrə ümumiləşdirmə və təhlillər aparılmışdır. Bələdiyyə aktlarının təhlili göstərir ki, bir sıra bələdiyyələrdə iclasların vaxtında çağırılması təmin edilmir, iclasların keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydalara əməl olunmur. Kollegiallıq prinsipinin pozulması, daimi komissiyaların işinin düzgün təşkil edilməməsi və bir sıra hallarda məsələlərin daimi komissiyalarda müzakirə olunmaması qanunsuz qərarların qəbul edilməsinə səbəb olur. Bir sıra bələdiyyələrdə hüquq komissiyalarının olmaması, mövcud komissiyanın işinin düzgün qurulmaması və ya hüquqi xidmətlərdən istifadə edilməməsi də bələdiyyə aktlarında nöqsanlara və qanunsuzluqlara yol açır.
Bələdiyyələrin əsas və dayanıqlı gəlir mənbəyi olan yerli vergi və ödənişlərin yığılmasında irəliləyiş olsa da, bu sahədə problemlər hələ də qalmaqdadır. Sosial layihələrin həyata keçirilməsində bələdiyyələrin fəallığının artırılması bu problemin həllindən çox asılıdır. Bununla yanaşı, vergi ödəyicilərinin ödənişdən yayınmalarının qarşısının alınmasını müəyyən edən hüquq mexanizmlərinin yaradılması da məqsədəmüvafiqdir.
Bələdiyyə üzvləri və qulluqçularının, bir sıra hallarda isə vətəndaşların qanunvericiliyin tələblərini bilməməsi qanun pozuntularına yol açır, bəzən də əsassız şikayətlərin verilməsinə səbəb olur. Həmin şikayətlər daha çox vətəndaşlar tərəfindən zəbt edilmiş torpaqların azad olunmasına dair bələdiyyələrin qanuni tələbinin yerinə yetirilməməsi, özbaşına tutulmuş torpaqların sənədləşdirilməməsi ilə bağlı olmuşdur.
Bələdiyyələrin fəaliyyətində qanun pozuntularının qarşısının alınması, qanunçuluğun gücləndirilməsi məqsədi ilə ardıcıl olaraq profilaktik və maarifçilik tədbirləri həyata keçirilir. Bir qayda olaraq maarifçilik  tədbirlərinin  mövzuları bələdiyyələrin təklifləri nəzərə alınmaqla müəyyən edilmiş və bu zaman məsələlərin aktuallığına, qanunvericilikdə olan yeniliklərə xüsusi diqqət yetirilmişdir. Belə ki, 2017-ci ildə bələdiyyələr üçün aktual olan “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə müəssisələrində kargüzarlıq işinin təşkili” mövzuları üzrə seminarlar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də muxtar respublika bələdiyyələrinin maarifləndirilməsində yaxından iştirak edərək 15 seminar təşkil etmiş və həmin seminarlarda 750-dən çox bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. 
Hesabat ilində bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 21 kurs keçirilmişdir. Bu kurslarda 714 nəfər iştirak edib. Onlara insan hüquq və azadlıqlarının təminatı sahəsində yerli özünüidarəetmənin rolu, bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları, bələdiyyə torpaqlarının idarə olunması, vergi xidmətinin təşkili və digər aktual mövzular üzrə mühazirələr oxunmuşdur.
2017-ci il dekabrın 7-də Qəbələ şəhərində “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər”, 2017-ci il dekabrın 18-də Bakı şəhərində “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun  təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş konfranslarda yerli özünüidarə məsələləri, bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları, nöqsanlar, bələdiyyələrin məsuliyyəti məsələləri müzakirə edilmiş və müxtəlif təkliflər dinlənilmişdir. Beləliklə, 2017-ci ildə ədliyyə orqanları tərəfindən 220 maarifçilik tədbiri keçirilmiş və bu tədbirlərdə 9649 bələdiyyə qulluqçusu iştirak  etmişdir. 
Bununla yanaşı, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi və bələdiyyə nümayəndələrinin hüquqi biliklərinin artırılması məqsədi ilə aktual mövzular üzrə hüquqi aktlar toplusu, “Yerl turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabı, “Bələdiyyə qulluğuna qəbulda şəffaflıq” və digər mövzularda 14 metodik vəsait və tövsiyələr hazırlanmışdır. 
Maarifləndirmə tədbirlərində digər dövlət orqanlarının, yerli və xarici qeyri-hökumət təşkilatlarının imkanlarından da səmərəli istifadə olunur. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin  birgə hazırladığı “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabı mövzunun aktuallığına görə dəyərli metodik vəsait olmaqla yanaşı, bu qəbildən olan ilk kitabdır. Vəsait Azərbaycan Turizm və Menecment Universitetinin təklifləri nəzərə alınmaqla  təkmilləşdirilmiş, universitetin rəyi əsasında çap olunmuşdur. 
Bələdiyyələrin, habelə əhalinin yerli özünüidarə  məsələləri ilə maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunaraq mətbuatda məqalələr yazılmış və televiziyada çıxışlar, verilişlər təşkil olunmuşdur. Bu tədbirlərdə Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin əməkdaşları və bələdiyyələrin milli assosiasiyalarının  nümayəndələri fəal iştirak etmişlər. Televiziya verilişlərində bələdiyyələrin fəaliyyəti geniş işıqlandırılmış, onların qarşılaşdığı problemlər müzakirə olunmuş, əldə olunan uğurlar barədə geniş məlumat verilmişdir. Bütövlükdə il ərzində kütləvi informasiya vasitələrində 157 çıxış təşkil edilmişdir.
Yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları da fəal iştirak etmiş, onların rolu daha da genişlənmişdir. Bələdiyyələrin maarifləndirilməsində, onlara metodik kömək göstərilməsində, vergi və ödənişlərin yığılması işinin təşkilində assosiasiyaların gördüyü işlər çox önəmlidir. Milli assosiasiyaların təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin dəstəyi ilə bələdiyyələrin maliyyə potensialının yüksəldilməsi, yerli vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının istifadəsinə dair zona seminarları keçirilmişdir.
Avropa  Şurası  Yerl və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq hər il olduğu kimi, milli assosiasiyaların təşəbbüsü ilə  30 oktyabr – 5 noyabr  tarixlərində bələdiyyələrdə növbəti “Yerli demokratiya həftəsi” keçirilmişdir. Həmin tədbirlər öz mütəşəkkilliyi və məzmunu ilə seçilmiş, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsinə təkan vermişdir. 
Beynəlxalq əməkdaşlığa önəm verilərək Budapeşt şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə əməkdaşlıq çərçivəsi”ndə tematik proqramın icrası üzrə iclasda, Vyanada isə “Yerli özünüidarəetmənin institusional əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilmiş tədbirdə ölkəmiz təmsil olunmuşdur. O cümlədən Latviya və Litva respublikalarının bələdiyyələri və onların ittifaqları ilə səmərəli əməkdaşlıq davam etdirilmiş, qarşılıqlı səfərlər olmuşdur.
Türkiyənin Çukuroba Bələdiyyələr Birliyi və İzmir bələdiyyəsi rəhbərliyinin ölkəmizə səfərləri zamanı Çukur-oba Bələdiyyələr Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələrinin milli assosiasiyaları arasında əməkdaşlıq protokolu imzalanmışdır. Milli assosiasiyaların və bələdiyyələrin nümayəndələri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin bir sıra tədbirlərinə və başqa beynəlxalq tədbirlərə qatılaraq ölkəmizi təmsil etmişlər.
Hörmətli deputatlar, təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində aşkar olunan bir sıra nöqsanlar daha çox təkbaşına qərarların qəbul olunmasından, kollegiallıq prinsipinin pozulmasından irəli gəlir. “Bələdiyyələrin statusları haqqında” Qanunda bələdiyyələrdə daimi komissiyaların yaradılması nəzərdə tutulmuşdur. Lakin həmin norma imperativ xarakterli olmadığına görə, təcrübədə onların yaradılması formal xarakter daşıyır, bir çox hallarda bu komissiyalar fəaliyyət göstərmirlər. Bununla əlaqədar bələdiyyələrin işində qanunçuluğun və kollegial idarəçiliyin gücləndirilməsi, habelə şəffaflığın artırılması məqsədi ilə həmin komissiyaların işinin daimi fəaliyyət göstərməsi üçün “Bələdiyyələrin statusu haqqında” Qanuna və “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnaməyə aidiyyəti dəyişikliklərin edilməsi məsələsinə baxılması məqsədəmüvafiq olardı.
Çıxışımın sonunda bildirmək istəyirəm ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. Əgər etiraz yoxdursa, çıxışları 5 dəqiqə edək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli həmkarlarım! Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəsini diqqətlə oxudum və o qənaətə gəldim ki, məruzə ətraflı, ciddi hazırlanıb, bələdiyyələrin işində olan nailiyyətlər, o cümlədən problemlər, çatışmazlıqlar dolğun və prinsipiallıqla əks etdirilib. Ümumiyyətlə, bu məruzəni təhlil etdikdə anlayırsan ki, bələdiyyə və ona nəzarət edən orqan heç də asan olmayan yol keçərək mühüm irəliləyişlərə nail olublar. Biz millət vəkilləri bu və ya digər problemləri qaldırarkən mütəmadi olaraq qeyd edirik ki, hər hansı problemlə mübarizə aparıldıqda ən effektli yollardan biri maarifləndirmə və profilaktik işlərdir.
Məmnunedici haldır ki, məhz Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin maarifləndirilməsinə çox önəm verir. Başa düşürük ki, xüsusilə kənd yerlərində bələdiyyələrə seçilən insanlar bu məsul işə elə də hazır olmurlar. Ona görə onların hüquqi və idarəçilik biliklərini, vərdişlərini artırmaq, insanlarla ünsiyyət və davranış bacarıqlarını inkişaf etdirmək üçün ciddi iş aparmaq lazımdır. Yaxşı nəticədir ki, il ərzində maarifləndirici tədbirlərin, yəni təlim, konfrans, seminarların və bura cəlb edilən iştirakçıların sayı xeyli artırılmışdır. Lakin bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil edilən tədris kurslarının sayında azalma özünü göstərir. Düşünürəm ki, belə kursların da sayını artırmaq lazımdır.
Məruzədən görünür ki, 2016-cı illə müqayisədə 2017-ci ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan vətəndaş müraciətlərinin, – yəqin ki, bunlar, əsasən, şikayətlərdir, – sayında  artım  müşahidə olunur. Amma əsaslandırılmış cavab verilən müraciətlərin sayında azalma gedir, eyni zamanda, təmin edilmiş müraciətlərin də sayı azalıb. Yəni 2016-cı ildə 2187 müraciət olub, onlardan 1947 müraciətə əsaslandırılmış cavab verilib, 166 müraciət təmin edilib. 2017-ci ildə isə 2252 müraciət daxil olub, onlardan 1888 müraciətə əsaslandırılmış cavab verilib, yalnız 51 müraciət təmin edilmişdir. Buradan elə çıxır ki, vətəndaşların  haqlı olduğu hallar çoxalmaqdadır. Ona görə sual yaranır, əsaslandırılmış cavab verilməyən vətəndaşların müraciəti nə üçün təmin edilməyib və nə üçün mübahisəli məsələlər daha da artmaqdadır? 
Yeri gəlmişkən, onu da qeyd edim ki, müraciətlərə baxılması ilə bağlı mənə də çoxsaylı şikayət ərizəsi gəlməkdədir. İnsanlar dövlət orqanlarının onların müraciətinə vaxtında və ya heç cavab verməməsindən şikayətlənirlər. Bu, böyük problemdir. Hərdən bizə də, deputatlara da bəzi qurumlar heç cavab vermir. Düşünürəm ki, hesabatda bu məsələ, yəni vətəndaşların müraciətlərinə baxılması ilə bağlı hissə dolğun əks etdirilməyib.
Ümumiyyətlə, bələdiyyələrin əsas problemini hələ də icra hakimiyyətindən asılılıqda görürəm. Bir çox bələdiyyələr təşəbbüs göstərmir, öz ərazisinin səlahiyyətləri daxilində nə isə bir əlamətdar, lazımlı, əhali üçün faydalı iş görə bilmirlər. Ya icra hakimiyyətindən çəkinirlər, ya da, sadəcə, tənbəllik edirlər. Ona görə ilk növbədə onların müstəqilliyini artırmaq, dəyərli təşəbbüsləri və layihələri dəstəkləmək lazımdır. Digər tərəfdən, əhali tərəfindən bəyənilən bələdiyyələrin iş ciddi öyrənilməli və digər bələdiyyələrə nümunə kimi çatdırılmalıdır.
Artıq bələdiyyələrin yaranmasından xeyli vaxt keçib və cəmiyyət onlardan daha məhsuldar iş, respublikamızın həyatında daha aktiv və nəzərə çarpan fəaliyyət gözləyir. Ümumilikdə məruzəni müsbət qiymətləndirirəm, onun lehinə səs verəcəyəm. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə bu çətin və məsuliyyətli işdə yeni uğurlar diləyirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Arif müəllim, Siz suala yazılmışdınız, yoxsa çıxışa?
A.Rəhimzadə. Adətən məruzədən sonra komitənin sədrinə söz verilir, o, komitənin iclasında olan müzakirələrin nəticəsini çatdırır. Məsləhət deyilsə, mən danışmaram. Vilayət müəllim danışandan sonra mənə söz verməməyinizə təəccübləndim. Odur ki, yazıldım. Mənim sualım yoxdur.
Sədrlik edən. Birincisi, burada narazılığa yer yoxdur. Siz yazıldınız, müraciət etdiniz də, söz vermədik? Əgər komitə sədri müzakirədə iştirak edirsə, əvvəldən deyir. Sizə heç nə deyən yoxdur, nə vaxt istəyirdiniz deyərdiniz, çıxış edərdiniz. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr.  Hər il olduğu kimi, bu il də Vilayət müəllim bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni çox yüksək səviyyədə təqdim etdi. Xüsusilə yerli özünüidarənin səmərəliliyinin artırılması, kollegial idarəetmənin gücləndirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir, eyni zamanda, torpaqların  paylanmasının qarşısının alınması istiqamətində görülən işlər nəticəsində bu çatışmazlığın 3 dəfə azaldılması diqqəti cəlb edir. Amma biz artıq inkişafın yeni mərhələsinə çıxırıq. Hesab edirəm ki, yeni mərhələdə bələdiyyələrin yeri və rolunun artırılması böyük aktuallıq kəsb edir. Bələdiyyələr özünə layiq yer tutması və yerli problemlərin həllinə daha ciddi təsir göstərməsi üçün hesab edirəm ki, 7 ciddi suala obyektiv cavab verilməsinə ehtiyac var.
Birinci, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş statusu ilə real statusu arasında qeyri-müəyyənlik niyə indiyə qədər aradan qaldırılmır?
İkinci, niyə bələdiyyələr qanunvericiliklə ona verilmiş hüquq və səlahiyyətlərdən yetərli səviyyədə istifadə edə bilmirlər?
Üçüncü, niyə əksər hallarda bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında gerçək münasibətlər, əslində, tabeçilik münasibətləri formasında özünü  göstərir?
Dördüncü, niyə bələdiyyələr bələdiyyə mülkiyyətindən, xüsusilə də torpaqlardan səmərəli istifadə  istiqamətində bir dəyişikliyə nail ola bilmirlər?
Beşinci, niyə bələdiyyələr yerli vergiləri lazımi səviyyədə yığa bilmirlər?
Altıncı, niyə əksər bələdiyyələrin maliyyə imkanları yaxşılaşmır?
Yeddinci, niyə əksər bələdiyyələrdə kadr potensialından arzu olunan səviyyədə istifadə olunmur? Bu 7 sualın ətrafında bəzi məqamlara diqqət verilməsini vacib hesab edirəm.
İlk növbədə qeyd etmək istərdim, elə bir mexanizm qurulmalıdır ki, qanunvericilikdə müəyyən olunmuş qaydada bələdiyyələrlə yerli icra orqanlarının səlahiyyətləri real surətdə bir-birindən ayrılsın və bələdiyyələrə müstəqil fəaliyyət göstərməsi üçün xeyli dərəcədə imkan verilsin.
İkinci, hesab edirəm ki, bu istiqamətdə görülən işlərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da rolunu artırmaqdan ötrü ona əlavə səlahiyyətlərin verilməsinə ehtiyac var.
Eyni zamanda, hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin təmin edilməsində ciddi rol oynayan məsələlərdən biri onun maliyyəsidir.  Əvvəllər bələdiyyələrə büdcədən ildə 2–3 milyon, son illər isə 5,2 milyon manat pul verilirdi. Hesab etsək ki, 2017-ci ildə 2 rəqəmli inflyasiya olub, yenə də 5,2 milyon manatın qalması elə bələdiyyələrə ayrılan vəsaitin azaldılması deməkdir. Ona görə hesab edirəm ki, həmin 5,2 milyon manatdan əlavə ciddi sosial layihələri həyata keçirmək üçün subvensiyalardan, eyni zamanda, həm daxili mənbələrdən, həm də xarici mənbələrdən bir sıra aktual layihələri həyata keçirmək üçün  qrant mexanizmindən ciddi istifadə edilməsinə böyük ehtiyac var.
Bələdiyyələrə verilən pulu əgər xırdalayıb onu bilavasitə kənd bələdiyyələrinə şamil edəndə onda, Oqtay müəllim, bir kəndin bələdiyyəsinə min manat pul düşür. Təbii ki, bu qədər vəsaitlə o, heç bir iş görə bilməz. Ona görə də bələdiyyələrin birləşdirilməsi, sayının azaldılması istiqamətində atılan addımları alqışlayıram. Hesab edirəm ki, ciddi analizlər aparılıb. Yenə də bələdiyyələrin birləşdirilməsi, sayının azaldılması istiqamətində addımların atılmasına böyük ehtiyac var. Bir də,  bələdiyyə torpaqlarından istifadədə təkcə deyilməyib ki, satma. Bələdiyyə torpaqlarından səmərəli istifadə etməklə indi toplanan puldan qat-qat artıq pul toplamaq olar və orada həmin mülkiyyətdən istifadə olunmaqla maliyyəni xeyli dərəcədə yaxşılaşdırmaq olar. Bu da hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin maliyyə təminatını yaxşılaşdırar. Bir də, hansı bələdiyyələr hazırdırsa, onlara əlavə səlahiyyətlərin verilməsi istiqamətində işlərin davam etdirilməsini vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, məruzədə bu problemə kifayət qədər əhatəli toxunulubdur və Ədliyyə Nazirliyinin müvafiq qurumunun fəaliyyəti ilə bağlı hər halda müsbət düşüncədəyəm. İllərdir, biz Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumunun məruzəsini dinləyirik. Amma mahiyyətcə bu, qanunvericiliyə uyğun ad deyil və onun dəyişdirilməsini təklif edirəm. Biz gələcəkdə buna baxaq, çünki inzibati nəzarət özlüyündə iki əsas istiqaməti ehtiva edir: birinci, bələdiyyələrin qəbul etdiyi inzibati qərarların ləğvini, ikinci, inzibati tənbeh cəzasının tətbiqini. Bu qurum hər iki halda heç bir qərarı ləğv etmək səlahiyyətinə malik deyil, həm də inzibati tənbeh tətbiq etmək ixtiyarına sahib deyil. Ancaq bunu məhkəmələrə yönləndirir, məhkəmələr vasitəsi ilə müvafiq qanun pozuntusunun qarşısını alır. Ona görə də bu qurumun adı “bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tətbiqinə nəzarət” olsa, daha Konstitusiyamıza uyğun olar, çünki mahiyyətcə inzibati nəzarəti faktiki həyata keçirmək səlahiyyətinə sahib deyil.
Burada əsas istiqamət iki yöndə göstərilir. Bildiyiniz kimi, Azərbaycanda bələdiyyələrin ciddi bir səlahiyyəti yoxdur, bələdiyyələrə faktiki olaraq dövlət büdcəsindən ayrılan 5 milyon vəsait də ancaq əmək haqqına və müəyyən sosial ödənişlərin ödənilməsinə yönəldilir. Bələdiyyələrin yerli nəqliyyat, yerli infrastruktur layihələrində heç bir ciddi rolu yoxdur. Ona görə də gəlir mənbəyi deyəndə ancaq əmlakdan götürülən müəyyən vergi ödənişləri nəzərdə tutula bilər. Onların başqa ciddi gəlir mənbələri olmadığı hamıya bəllidir. Yəni bu nə Türkiyənin, nə də başqa ölkələrin bələdiyyələri ilə müqayisə oluna bilməz.
Burada bir şəkil var. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası Çukuroba Bələdiyyələr Birliyi ilə müqavilə imzalayır. Yaxud da İstanbulla, Ankara bələdiyyələri ilə büdcələri müqayisəyə gəlməz. İstanbul bələdiyyəsinin büdcəsi Azərbaycanın büdcəsi qədərdir.
Biz bələdiyyələrin fəaliyyətini qaldırmaq istiqamətində addımlar atmaqdan nədənsə çəkinirik. Nədənsə istəmirik ki, yerli, kommunal problemlərin, ən azı qara işlərin yerli, aşağı səviyyədə həllinə şərait yaradaq, dövlətin də yükü azalsın. Bu gün Bakı şəhərində nəqliyyat sıxıntısı da bununla bağlıdır. Bu qədər tıxacların olması, lüzumsuz layihələrin həyata keçirilməsi bələdiyyələrin fəaliyyətinin olmaması ilə bağlıdır. Amma burada göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumat bazasından bələdiyyələrin istifadə imkanının yaradılması işin həllinə köməklik göstərə bilər. Bir də, sosial iqtisadi problemlərin həllində bələdiyyələrin iştirakını gücləndirmək məqsədi ilə qanunda subvensiyaların ayrılmasının nəzərdə tutulması səmərəli olardı.
Baxın, bələdiyyələr çoxmənzilli binalarda vətəndaşın mülkiyyət hüququ tanınmadığına görə hər il ora bildiriş göndərir ki, mülkiyyətə görə 40 manat ödəməlisiniz. Vətəndaş da haqlı olaraq ödəmir. Niyə? Deyir ki, mənim mülkiyyət hüququmu təmin edin, mən də bələdiyyəyə pul ödəyim. Ona görə bələdiyyə qazana bilmir ki, dövlətin bir qurumunda həll olunmayan məsələ digər qurumuna müəyyən dərəcədə gəlir əldə etməyə imkan vermir. Yəni bunu həll etmək lazımdır.
Digər tərəfdən, bələdiyyələrin böyük əksəriyyətində ərazinin xəritəsi yoxdur. Bilərəkdən bu xəritə verilmir. Necə ki Bakı şəhərinin ümumi planı haqqında ümumi təsəvvürümüz yoxdur və bu qədər plansızlıq nəticəsində Bayılda o sürüşmə baş verəndə hələ çıxıb vətəndaşı da qınayırıq ki, sən niyə burada ev tikmisən? Yəni vaxtında şəhərin planını doğru-düzgün tətbiq etməklə bu qədər gecəqonduların da tikilməsinə imkan yaratmaq lazım deyildi.
Bu baxımdan, hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində yeganə bir işi görmək lazımdır; səlahiyyətlərin tamamilə artırılması və onların real quruma çevrilməsi. Real quruma çevrilməyincə nə qədər nəzarət edirsən elə, xeyri yoxdur. Burada deyildi, daimi komissiyalar yaradılsa, bələdiyyələrin işi daha kollegial əsasda olacaq. Sabah daimi komissiyalarda bunu əsaslı şəkildə yaradın, yenə də bir şey dəyişməyəcək. O baxımdan da bu məsələyə daha fundamental yanaşmaq vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Biz hər il burada Bələdiyyələrlə İş Mərkəzinin hesabatını dinləyirik və burada müxtəlif təkliflər səsləndirilir. Bələdiyyələrlə İş Mərkəzi də bir qayda olaraq bizə keçirilən seminarlar, daxil olan və baxılan ərizələr, qəbul olunan qərarlar və sair barədə statistik məlumatlar verir. Amma bələdiyyələrin cəmiyyətdə nüfuzunun qaldırılması, onların ölkə həyatındakı rolunun inkişaf etdirilməsi istiqamətində çox təəssüf ki, hökumətdən müvafiq qanunvericilik layihələrinin parlamentdə daxil olmasını müşahidə etmirik. Əslində, Bələdiyyələrlə İş Mərkəzi bu barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir, nazirlik də hökumətin üzvü kimi onun qarşısında bu məsələləri qaldırmalıdır. Ona görə ki, bizim qəbul etdiyimiz qanunların tətbiqi zamanı boşluqları o qanunu tətbiq edən, yaxud ona nəzarət edən orqan görür, bilir və onlar deməlidir ki, nələri təkmilləşdirmək lazımdır.
Məsələn, bu yaxınlarda bələdiyyə torpaqları ilə bağlı mənə şəxsən müraciət etmişdilər. Biz bilirik ki, cənab Prezident kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar olaraq xüsusi dövlət agentliyi yaradır. Amma sahibkar şəhərin kənarında mazutlu, antisanitar bir vəziyyətdə olan torpağı abadlaşdırıb orada bir iş görmək istəyir. Tutaq ki, bələdiyyə sədrinə müraciət edir. O da deyir ki, bəli, bizdə torpağın kvadratmetri 1 manat 23 qəpikdəndir. Bu da sənədləri hazırlayır. Hər şey hazır olanda şəhərin mərkəzində həmin o bələdiyyə sədri mərkəzi icra hakimiyyətinin regional şöbəsi və ya yerli icra hakimiyyətləri ilə cinayət əlaqəsinə girir və 10 kvadratmetr yeri şəhərin mərkəzində öz qiymətinə, tutaq ki, 9 manat 43 qəpiyə rəsmiləşdirir, sonra deyir ki, bilirsiniz, qanuna görə axırıncı hərracda torpağı neçəyə satmışıqsa, yalnız o qiymətdən sata bilərik. Deməyim odur ki, bir çox hallarda bizim bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə sahibkarlığa kömək etmək əvəzinə sahibkarların maraqlarına toxunurlar.
Bax burada 2017-ci ildə keçirilmiş tədbirlərin  sırasında qeyd olunur ki, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu barədə seminar keçirilir. Yaxşı olardı, hörmətli Vilayət müəllim bizə desin ki, o seminarda nədən danışılıb? Hansı hüquqların qorunmasından söhbət gedir? Şəhər icra hakimiyyətləri həmin bələdiyyələrin ərazisində fəaliyyət göstərən sahibkarlardan tikinti materialları götürürlər ki, abadlıq işi görürük, ayın başında pulunuzu ödəyəcəyik. Amma aylar keçir, həmin sahibkarların pulunu vermirlər.
Bələdiyyələr həmin sahibkarların hüquqlarının qorunması, bələdiyyənin ərazisində baş verən qanun pozuntuları, vətəndaşların hüquqlarının digər mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları tərəfindən pozulması ilə bağlı hansı isə tədbirlər görürlərmi? Bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırırlarmı? Axı Ədliyyə Nazirliyinin kifayət qədər nüfuzu var. Hesab edirəm  ki, ədliyyə naziri həm də Məhkəmə-Hüquq Şurasının sədridir, bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynaya bilər. Amma çox təəssüf ki, biz bu istiqamətdə atılan addımlar görmürük. Bələdiyyələr nəinki bu hüquqlarının qorunmasında heç bir rol oynamırlar, hətta bir çox hallarda yerli icra hakimiyyəti orqanları həmin qanunsuz hərəkətləri məhz onların əli ilə həyata keçirirlər. Məhz bələdiyyələrə bəzən kiminsə əmlakını sökdürtdürür.
Məsələn, bir nəfər diş həkiminin şəhərdə kabineti var imiş. Mənə müraciət edir. Deyir ki, bax, əlimdə çıxarış var, bu mənim əmlakımdır, bu da Səhiyyə Nazirliyindən aldığım fəaliyyət barədə lisenziyadır. Amma şəhər icra hakimiyyəti gəlib bunu söküb, dağıdır. Nə bələdiyyə ona kömək edir, hüquqlarını qoruyur, nə də yerli icra hakimiyyəti. Bu adam, sadəcə olaraq, iş yerini itirir, ailəsi çətin vəziyyətdə qalır. Mən bu barədə, əlbəttə, hökumətin iclasında da ətraflı danışacağam. Amma bu gün bu məsələni ona görə qaldırıram ki, bələdiyyələr vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi işlər görməlidirlər.
Biz görürük ki, yağış yağanda bəzi kəndlərdə palçıq dizə çıxır. İməciliklər təşkil etmək lazımdır. Əhalinin özü o kənd yollarının abadlaşdırılmasında iştirak etməli, o yollara daşlar döşəməlidirlər. Əhali ilə bələdiyyələr bu formada da işləməlidir. Yoxsa elə düşüb camaata sənin əmlakın var, gəl, mənə vergi ver deyirlər. Sonra yığılan vergidən də 5 qat baha qiymətə hansı isə işləri görürlər. Mən düşünürəm ki, biz bununla ciddi irəliləyişlərə nail ola bilmərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun, cənab Sədr. Mən də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni həmkarlarım kimi vaxtında almışam və kifayət qədər tanış olmuşam. Biz burada olduqca ətraflı və müəyyən faktlara əsaslanan məqamları izləyə bilirik. Amma mən bu qurumun fəaliyyəti ilə bağlı çıxış etməmişdən öncə Ədliyyə Nazirliyində ictimai komitənin son 4 ildə koordinatoru olaraq bu nazirlikdəki digər qurumlarda da gedən islahatlar, aparılan işlər barədə bir neçə kəlmə qeyd etmək istəyirəm.
Əvvəla, qeyd edim ki, “İctimai iştirakçılıq haqqında” Qanun bizdə qəbul olunmamışdan 7–8 il öncə bu nazirlikdə artıq ictimai komitə yaradılmışdı. İlk öncə biz penitensiar sahədə ictimai nəzarəti həyata keçirdik, amma sonralar adı dəyişdirildi. Artıq Ədliyyə Nazirliyinin bütün strukturlarında bilavasitə proseslərdə oluruq, iştirak edirik, ictimai nəzarəti həyata keçiririk. Burada aparılan islahatlar şəffaflıq şəraitində və bilavasitə ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir. Ona görə də biz Ədliyyə Nazirliyinin digər idarə və orqanlarında müəyyən ictimai nəzarəti həyata keçirməklə həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə yaxından tanışıq. Mən bu hesabata qədər də müəyyən faktlara malik idim.
Əvvəla, qeyd edim ki, bu qurumda son illərdə aparılan işlər birdən-birə sanki bir sıçrayışla özünü göstərməyə başladı. Belə ki, biz bir fakta baxaq. 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktına baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır bir iş yükünün olması deməkdir. Yəni bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib, yerdə qalan 740 iş ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. Yəni 60 min ərizənin bir mərkəz tərəfindən yoxlanılması, təbii ki, olduqca ciddi bir faktdır.
Bundan başqa,  mən fərqi qeyd etmək istəyirəm. 2017-ci ildə bələdiyyələr üzrə verilmiş tövsiyələr 2016-cı ildən say hesabı ilə 132 tövsiyə artıqdır. Yəni 4378 tövsiyə verilibsə, bu da mən elə hesab edirəm ki, bu orqanda aparılan işlərin nəticəsidir. 2017-ci ildə maarifləndirmə istiqamətində aparılmış işlərdə də biz bunu görürük. Bayaq burada soruşuldu ki, bu tədbirlərdə nə qədər adam iştirak edib? Təkcə maarifləndirici tədbirlərdə 9649 nəfər iştirak edib. Eyni zamanda, digər təlim və konfranslarda da təxminən 8935 nəfərin iştirakı olub.
Bir maraqlı məqamı da qeyd edim. Son dövrlərdə Ədliyyə Nazirliyinin bu qurumu ilə Milli Məclisin Regional məsələlər komitəsi arasında sıx əməkdaşlığın olmasını həm mətbuatdan, həm də keçirilən tədbirlərdən şahidi oluruq. Eyni zamanda, televiziya tədbirlərində də Milli Məclisin və Ədliyyə Nazirliyinin əməkdaşlarının birgə fəaliyyəti bir millət vəkili olaraq məni sevindirir. Çünki nə qədər ki bu qurumla Milli Məclisin müvafiq komitəsi arasında sıx əməkdaşlıq olacaq, bu işlərin də, təbii ki, uğurlarını biz hər gün görəcəyik. Misal olaraq qeyd edim ki, Milli Məclisin Cəlilabadda təşkil etdiyi tədbirdə Ədliyyə Nazirliyinin nümayəndələrinin, Ədliyyə Nazirliyinin Bakıda keçirilən konfranslarında Milli Məclisin nümayəndələrinin iştirakı bayaq dediyim məsələlərə bariz nümunədir.
Bir məsələni də qeyd etmək istəyirəm. Bayaq bu orqanın beynəlxalq arenadakı fəaliyyəti qeyd olundu. Səhv etmirəmsə, Budapeştdə keçirilən iclasda, Vyanada Şərq Tərəfdaşlığı proqramı çərçivəsində “Yerli özünüidarəetmənin institusional əsaslarının möhkəmləndirilməsi mövzusunda” keçirilən beynəlxalq tədbirdə bu qurumun nümayəndələrinin iştirakı onu göstərir ki, artıq bu qurum beynəlxalq səviyyədə keçirilən tədbirlərdə Azərbaycanı kifayət qədər təmsil edə bilir.
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin proqramının istifadəsi ilə bağlı zona seminarlarının, bələdiyyələrin milli assosiasiyalarının birgə yığıncaqlarının keçirilməsi bu qurumda aparılan yaxşı, müsbət işlərin bariz nümunəsidir. Eyni zamanda, turizmin inkişafı, yerli turizmin təşkilində bələdiyyələrin iştirakı ilə bağlı kitabların çap olunub yerli bələdiyyələrə paylanılması da mən deyərdim ki, olduqca müsbət hallardan biridir. Biz ümid edirik ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan gələcəkdə də öz işini uğurla davam etdirəcək.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media təmsilçiləri!  Mən də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dəstəkləyirəm. Vilayət müəllimin çıxışında da görülən işlər, əldə edilən uğurlarla yanaşı, nöqsanların və çatışmazlıqların, onların azaldılması istiqamətində həllini gözləyən məsələlərin qeyd olunması vacib, önəmli məsələdir.
Bələdiyyələrlə İş Mərkəzinin özəlliklə maarifləndirmə işlərinə geniş yer verməsi çox vacib məsələdir. Çünki hamımız bilirik ki, bir çox məsələlər məhz bələdiyyə üzvlərinin öz hüquq və vəzifələrini yaxşı dərk etməməsindən qaynaqlanır. Ona görə davamlı olaraq maarifləndirmə tədbirlərinin, seminarların təşkili çox vacib bir məsələdir, biz bunları dəstəkləyirik.
Amma bir çox məsələlər var ki, onların məruzədə daha açıq və geniş şəkildə öz əksini tapmasının vacibliyini xüsusi qeyd etmək istərdik. Birincisi, şikayətlər, problemlər, nöqsanlar – bunlar vurğulanır. Məsələlərin bir çoxunun, əslində, nədən qaynaqlandığına yer də verilib. Amma bu istiqamətdə təkliflərlə çıxış edilməsi müsbət olardı. Problem ondan ibarətdir ki, qanunla bələdiyyələrin üzərinə bir çox vəzifələr düşür. Amma çox təəssüf ki, səlahiyyət bölgüsü məsələsinin tam öz həllini tapa bilməməsi bu istiqamətdə ən ciddi əngəllərdən biri kimi qeyd olunmalıdır. Çünki bələdiyyələrin üzərində vəzifələr çoxdur, amma səlahiyyət bölgüsü məsələsində vəziyyət tam aydın deyil və burada bəzi məsələlər var.
Özəlliklə mən bunu demək istəyirəm, həmkarlarım da söyləyirlər. Hələ də kəndlərdə bələdiyyələrə deyirsiniz ki, filan məsələni niyə həyata keçirməyibsiniz, bu sizin vəzifənizdir. Cavab verirlər ki, görək icra başçısı nə deyir, başçısının qərarı necə olacaq və ya başçı bunu belə demişdi. Yəni burada icra hakimiyyəti və bələdiyyələrin səlahiyyəti məsələsinin tam öz əksini tapması və bələdiyyələrin artıq müstəqil bir qurum kimi üzərinə düşən vəzifələri dərk edərək daha fəal çalışması çox vacib məsələlərdən biridir.
Vilayət müəllim də söylədi, ikinci mühüm məsələ şikayətlərə baxılmasının həll olunması ilə bağlıdır. Şikayətlərə baxılması mexanizmi çox önəmlidir və bu, fəal şəkildə həyata keçirilir. Amma bu şikayətlərin sayının azalmaması ciddi narahatlıq doğurmalı məsələlərdən biridir. Hələ də çox təəssüf ki, eyni xarakterli şikayətlərin sayı azalmır. Bu, ciddi məsələlərdən biridir.
Təbii ki, biz də anlayırıq, minlərlə müraciətə, şikayətə baxılması bir qurum üçün asan iş deyil. Amma bu müraciətlərə daha çevik baxılması və vətəndaşların şikayətlərinə geniş şəkildə cavab verilməsi mexanizmi ilə bağlı daha nələr etmək lazımdır? Əgər səlahiyyətlər tələb olunursa, bunu necə etmək olar? Çünki bunlar az deyil, minlərlədir və təbii ki, onlar qısa zamanda öz müraciətlərinə cavab almaq istəyirlər.
Digər bir vacib məsələ də maliyyə ilə bağlıdır. Bələdiyyələrin hər zaman dedikləri maliyyə çatışmazlığı ilə bağlı məsələlərdə daha effektli nə etmək olar? Yerli vergilərin normal yığıla bilməsi istiqamətində daha hansı mexanizmlərin dövriyyəyə girməsi lazımdır? Bələdiyyə torpaqları məsələsi həmişə xüsusi vurğulanır və bəzi bölgələr var ki, bu, kifayət qədər bələdiyyələr üçün dəstək ola bilər. Onlardan səmərəli istifadə ilə bağlı maarifləndirmə və sair işlər aparılmalıdır, çünki onlar ciddi şəkildə maliyyə mənbələridir.
Təbii ki, burada bir çox məsələlər həllini tapır, bəzi məsələlər isə həllini gözləyir. Amma insanlarımızın bələdiyyələrdən gözləntisi çox olduğu üçün, təbii ki, bu quruma müraciətlərin sayı da çox olur. Ümid edirik ki, vətəndaşlarımızın bu quruma etibarının artması istiqamətində daha geniş işlər aparılacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Kamran Bayramov.
K.Bayramov. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin illik məruzəsinə münasibət bildirmək istərdim. Hazırkı illik məruzə ötən illərlə müqayisədə həm təhlillərin sayına, həm də orada əks olunmuş rəqəmlərə görə kifayət qədər fərqlənir.
Məruzəyə əsasən bir çox sahələr üzrə bələdiyyələrdə irəliləyişlər müşahidə olunub. Xüsusilə də pozuntu hallarının azalması, eyni zamanda, Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı çox səmərəli addımların atılması ilə fərqlənir. Ümumilikdə ötən il Ədliyyə Nazirliyinin bələdiyyələrdə qanunçuluğun təmin edilməsi ilə bağlı fəaliyyəti çox uğurlu olmuşdur. Bir çox tədbirlər həyata keçirilmişdir.
Mən xüsusilə qeyd etmək istərdim, ötən ilin dekabr ayında Ədliyyə Nazirliyi, komitəmiz və bələdiyyələrin milli assosiasiyaları birlikdə tədbir keçirmişdir. Səmərəli, çox gözəl və xüsusilə də bələdiyyələr üçün faydalı tədbir keçirilmiş, müəyyən müzakirələr aparılmışdır. Bu baxımdan Ədliyyə Nazirliyindən gözləntilərimiz çoxdur və güman edirik ki, bu il də həmin tədbirlər davam etdiriləcəkdir. Komitənin iclasında da bu barədə qeyd etmişdim.
Biz 2015-ci ildə “Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişikliklər etmişdik. Həmin qanuna bələdiyyə qulluqçularının işə qəbulu ilə bağlı yeni müddəalar əlavə olunmuşdu. Həmin dəyişikliklərdə, əsasən, müsabiqə komissiyalarının yaradılması və onların fəaliyyətinin təşkili ilə bağlı müddəalar öz əksini tapmışdır. Lakin bələdiyyələrdə qeyd edilən müsabiqə komissiyaları yaradılsa da, onların fəaliyyəti görünmür. Nə mətbuatda, nə də internet səhifələrində işə qəbulla bağlı elanları görmək olmur. Mən düşünürəm, bu ondan irəli gəlir ki, belə qəbul keçirilmir.
Bununla bağlı Ədliyyə Nazirliyindən bir daha xahiş etmək istərdim ki, bu məsələyə diqqət yetirsinlər. Komissiyaların fəaliyyəti ilə bağlı müəyyən araşdırmalar aparsınlar ki, həqiqətən komissiyalar işləyir və bələdiyyə qulluqçuları işə düzgün qəbul olunurlar. Çünki bələdiyyələrdə sağlam düşüncəli, ali təhsili olan qulluqçuların fəaliyyət göstərməsi, həqiqətən də, bələdiyyənin fəaliyyəti və bələdiyyələrin vətəndaşlarla münasibətlərinin düzgün qurulması baxımdan çox vacibdir. Mən istərdim, Ədliyyə Nazirliyi bu işdə daha diqqətli olsun. Eyni zamanda, burada səsləndirildi ki, əlavə səlahiyyətlər verilsin,  digər dəyişikliklər olsun. Mən nazirlikdən xahiş edərdim ki, araşdırıcı, yoxlayıcı qurum kimi fəaliyyətləri zamanı müəyyən çətinliklərlə üzləşirlər, müəyyən problemli məsələləri aşkar edirlər. Bu baxımdan onlardan xahiş edərdim ki, problemlərin həlli ilə bağlı təklifləri bizim komitəyə, parlamentə təqdim etsinlər ki, biz onlara baxa, müəyyən dəyişiklik edə bilək.
Mən Bələdiyyə Məcəlləsinin qəbulu ilə bağlı da demişdim. Ölkəmizdə 20-dən artıq baza qanunu qəbul olunub. Bir qanuna dəyişiklik edəndə, digər qanunlarda da uyğunlaşdırma qaydasında dəyişikliklər edilir. Bu baxımdan da Bələdiyyə Məcəlləsinin qəbulu həm qanunvericilik, Milli Məclis üçün əlavə yükün aradan qaldırılmasına səbəb olar, eyni zamanda, bütün dəyişikliklərin, əlavələrin cəmi bir sənəddə toplanmasını ehtiva edə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli, buyurun.
İ.Həbibbəyli. Deputat həmkarlarım, mən də bu gün bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hörmətli Vilayət müəllimin məruzəsinə diqqətlə qulaq asdım. Bu məruzə bələdiyyələrlə aparılan işin müasir səviyyəsi, inkişaf dinamikası və əhatə dairəsi haqqında çox dolğun bir təsəvvür yaratdı. Mən bir elm adamı kimi deyərdim ki, bu məruzə elmi cəhətdən də çox sistemli hazırlanmışdır. Bu məruzənin materialları əsasında asanlıqla mükəmməl bir elmi-tədqiqat işinin sistemini qurmaq mümkündür.
Vilayət müəllimin təqdim elədiyi hesabatda, eyni zamanda, son illərdə bələdiyyə mühitində baş verən işlərin içərisində hüquq pozuntularının qarşısının alınmasına dair çox əhəmiyyətli faktlar diqqətə çatdırıldı. Xüsusən bələdiyyələrlə bağlı narazılıqların əvvəlki illərlə müqayisədə 9 dəfə, torpaq münasibətlərinə dair pozuntuların 3 dəfə azalması haqqındakı faktlar artıq ölkəmizdə bu sistemin oturuşmuş fəaliyyət sahəsinə çevrildiyini təsəvvür eləməyə imkan verir.
Vilayət müəllim öz məruzəsində bütün bunları son illərdə bələdiyyə sistemində hüquqi cəhətdən prosedurlara əməl edilməsi istiqamətində irəliləyişlər kimi qeyd elədi. Bu, həqiqətən də, belədir. Amma hesab edirəm ki, bələdiyyə sistemində baş verən dəyişikliklər, o cümlədən hüquq pozuntularının qarşısının alınması məruzədə də əksini tapdığı kimi Ədliyyə Nazirliyinin keçirdiyi hüquqi maarifləndirmə tədbirləri ilə üzvi surətdə bağlıdır. Builki məruzədə ilk dəfə səsləndi ki, Ədliyyə Nazirliyi bu cür hüquqi maarifləndirmə işlərini həyata keçirmək üçün nazirlik sistemində və ölkəmizdə olan potensialdan istifadə eləməklə yanaşı, beynəlxalq təcrübəni də bura daxil etmişdir. Bütün bunlar, şübhəsiz ki, ölkəmizdə bələdiyyə sisteminin fəaliyyətinin normallaşması və inkişaf etməsi üçün əhəmiyyətli olmuşdur.
Mən burada, eyni zamanda, Milli Məclisin Regional məsələlər komitəsinin də ölkəmizin bələdiyyə orqanları ilə qarşılıqlı apardığı səmərəli işi qeyd etməyi vacib sayıram. Mən də o fikirdəyəm ki, Bələdiyyə Məcəlləsinin qəbul olunması inkişaf prosesində olan və ölkəmizin siyasi sistemində oturuşmuş mövqeyə malik olan bu təsisatın daha normal fəaliyyətinə kömək edə bilər. Mən məmnuniyyətlə məruzəyə səs verəcəyəm, deputat həmkarlarımı da səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.13 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Ələt azad  iqtisadi zonası haqqında qanun layihəsidir. Bildiyiniz kimi, qanun layihəsi uzun müddətdir ki, həm dövlət strukturlarında, həm ictimaiyyətdə, həm də Milli Məclisin komitələrində müzakirə olunub. Bu gün onun birinci oxunuşudur. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 11 yanvar tarixli 1/24 saylı məktubu ilə Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və  sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin yanvarın 24-də keçirilmiş birgə iclasında geniş müzakirə edilmiş və Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilmişdir.
Layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır. İşçi qrupu yaradılmazdan öncə hazırlanmış qanun layihəsinin təhlilinə və dəyərləndirilməsinə, yeni qanun layihəsinin hazırlanmasına bu sahədə böyük təcrübəsi olan və beynəlxalq səviyyədə tanınmış hüquqi şirkətlərindən biri də cəlb edilmişdir. Təbii ki, işçi qrupu öz işində və nəticə olaraq ərsəyə gələn qanun layihəsinin hazırlanmasında ölkə rəhbərliyinin tövsiyələrinə və göstərişlərinə əsaslanmışdır.
Qanun layihəsinin təqdimatına keçmədən bir neçə önəmli məqamı da nəzərinizə çatdırmağı özümə borc bilirəm. Birinci məqam qanun layihəsinin dilidir. Layihə gələcək investorlar üçün anlaşılan tərzdə və dildə yazılıb, çünki son qərarı kapitalın sahibi, yəni investor verir. Hətta yanında ən bilikli, ən savadlı hüquqşünas olsa belə, qərar verən, riskə gedən investordur.
İkinci məqam ondan ibarətdir ki,  gələcək investorun bu qanundan başqa Azərbaycan Respublikasının digər qanunlarını öyrənməyə, təhlil etməyə ehtiyacı olmamalıdır. Çünki Azad İqtisadi Zonanın fəaliyyəti və onunla əlaqədar münasibətlər ancaq bu qanunla və bu qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış Azad İqtisadi Zonanın səlahiyyətli qurumunun hazırladığı daxili qaydalarla tənzimlənəcək.
Qanun layihəsi 5 fəsil və 30 maddədən ibarətdir. Əminəm ki, deputat həmkarlarım layihəni diqqətlə oxuyublar, ancaq bununla belə, bəzi mühüm müddəaları açıqlamaq istəyirəm.
Azad Zona qanunvericiliyi. Azad Zonada ancaq Azad Zona qanunvericiliyi tətbiq ediləcək.
Rafael müəllim, hətta mən buradan Sizi eşidirəm. Xahiş edirəm...
Azad Zona qanunvericiliyi bu qanun və onun əsasında qəbul edilən daxili qaydalardan ibarətdir. Əgər bu qanunla daxili qaydalar arasında ziddiyyət yaranarsa, bu qanun üstün tutulacaq. Azad Zona qanunvericiliyi ilə əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranarsa, Azad Zona qanunvericiliyi tətbiq ediləcək. Azad Zonada əsas iqtisadiyyat qanunvericiliyi yalnız bu qanunda göstərilən hallarda tətbiq edilə bilər.
Gələcək investorlar üçün çox əhəmiyyətli bir müddəa da 3-cü maddənin 5-ci bəndində öz əksini tapmışdır. Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir və ingilis dilində olan mətnlə Azərbaycan dilində olan mətn Azad Zonada eyni hüquqi qüvvəyə malik olacaqlar.
“Azad Zonanın idarə edilməsi və inkişafı” adlanan 2-ci fəsildə də vacibliyi ilə fərqlənən detalları nəzərinizə çatdırmaq istəyirəm. Azad Zonanın idarə edilməsini, fəaliyyətini və inkişafını təmin edən Azad Zona səlahiyyətli qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təşkilati struktura uyğun idarə olunur. Azad Zona səlahiyyətli qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə məsuliyyəti sədri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmuş idarə heyəti daşıyır. Bu idarə heyəti birbaşa müvafiq icra hakimiyyəti orqanına hesabat verəcək.
Azad Zona səlahiyyətli qurumunun hüquqları və vəzifələri 6-cı maddədə öz əksini tapmışdır. Bu maddənin işlənməsində öz uğurlu fəaliyyəti ilə seçilən azad iqtisadi zonaların təcrübəsinə xüsusilə istinad olunsa da, Azad Zona səlahiyyətli qurumunun vəzifələri sırasında Azad Zonada qabaqcıl beynəlxalq təcrübənin tətbiqini təşviq etmək yarımbəndi ayrıca əks olunmuşdur. Eyni zamanda, Azad Zona qanunvericiliyinin tərkib hissəsi olan  məcburi xarakterli daxili qaydalar da 6.2.5-ci maddənin tələbinə görə qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun olmalıdır. Daxili qaydaların əhatə etdiyi sahələr 6.2.5.1 alt bəndindən başlayıb 6.2.5.17-ci alt bəndi ilə tamamlanan mətndə öz əksini tapmışdır.
Müzakirələr zamanı söylənilən bəzi iradların cavabları da bu alt bəndlərin mətnindədir. Misal üçün, əmək münasibətlərini tənzimləyən qaydalarda da iş şəraiti, əməyin təhlükəsizliyi və sair məsələlər, o cümlədən işçilərin sosial təminatı qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun olmalıdır. Bu, qanunun tələbidir, bu müddəa Azərbaycan vətəndaşı olan işçilərə münasibətdə də eyni qüvvəyə malikdir. Qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğunluq həmçinin ətraf mühit məsələlərini əhatə edən daxili qaydalara da şamil edilir. Eyni zamanda, qəbul edilmiş daxili qaydaların məcburi xarakterli olduğunu da xatırlatmaq istəyirəm.
Konseptual nöqteyi-nəzərdən çox önəmli olan 9-cu maddədə bir sıra vacib məqamlar var. Azad Zona qanunvericiliyində digər hal nəzərdə tutulmayıbsa, əsas iqtisadiyyat orqanları Azad Zonada hər hansı yurisdiksiyaya sahib ola bilməzlər və Azad Zona hüquqi şəxslərinin, inzibati müəssisələrinin, rezidentlərinin fəaliyyətini tənzimləmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik deyillər.
10, 11 və 12-ci maddələrdə Azad Zona səlahiyyətli qurumu tərəfindən azad zonanın fəaliyyəti və inkişafı məqsədləri üçün təsis olunan “developer” adlanan inzibati müəssisənin hüquq və vəzifələri, idarəetmə qaydaları, maliyyələşdirilməsi və sair məsələlər öz əksini tapıb. II fəslin sonuncu, yəni 13-cü maddəsi kommunal xidmətlərin və nəqliyyat məsələlərinin tənzimlənməsini əhatə edir.
Qanun layihəsinin III fəsli Azad Zona hüquqi şəxslərinin fəaliyyətinə həsr olunmuşdur. Azad Zonada çalışacaq hüquqi şəxslərin təsis olunması və fəaliyyəti Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilmiş daxili qaydalarla tənzimlənəcək. Burada investor üçün çox önəmli bir məqam da qeyd olunmuşdur. Azad Zona hüquqi şəxslərinin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100 faizinin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.
Azad Zonada “bir pəncərə” qaydasında işləyən Biznes Xidmətləri Mərkəzi yaradılmalıdır və həmin mərkəz vasitəsilə Azad Zonada çalışan hüquqi şəxslərə, onların işçilərinə, rezidentlərə lazım olan lisenziyaların, icazələrin, təsdiqlərin və digər tələb olunan sənədlərin verilməsi təmin ediləcəkdir.
Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad ediləcəklər.  Çoxsaylı müzakirələrdə Azad Zona vergi tənzimlənməsi məsələləri müzakirə olunanda 16-cı maddənin 16.2 və 16.3-cü bəndlərində yazılanlarla əlaqədar anlaşılmazlıq olmuşdur. Biz izah edirik ki, bu iki bəndin məqsədi əsas iqtisadiyyatın mallar istehsal edən, xidmətlər göstərən, işlər görən təsərrüfat subyektlərini haqsız rəqabətdən qorumaqdır.
17-ci maddə Azad Zonada gömrük işinin təşkili məsələlərini özündə ehtiva edir. Texniki səbəbdən 17-ci maddədə də 17.2-ci bəndi tamamlayan bir müddəa öz əksini tapmamışdır. Belə ki, 17-2-də qeyd olunan “mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac etdikdə bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir” cümləsindən sonra uyğun olaraq belə bir əlavə olunmalıdır: “Mallar, işlər, xidmətlər əsas iqtisadiyyatdan Azad Zonaya ixrac edildikdə bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir”. Vergi tənzimlənməsində olduğu kimi, burada da məqsəd təsərrüfat subyektlərimizi haqsız rəqabətdən qorumaqdır.
Azad zonanın fəaliyyətini və inkişafını təmin etmək məqsədi ilə Azad Zona səlahiyyətli qurumuna müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verilir. Eyni zamanda, Azad Zona səlahiyyətli qurumunun bu ərazinin istənilən hissəsini istifadəyə, icarəyə vermək və ya barəsində başqa şəkildə sərəncam vermək hüququ vardır. Təbii ki, torpaq münasibətləri müvafiq daxili qaydalarla tənzimlənəcək və bu qaydalarda müvafiq torpaq sahələrinə dair sərəncam, o cümlədən icarə, istifadə, təminat və yüklülük hüquqlarının yaradılması və xitam verilməsi qaydaları və tələbləri də öz əksini tapacaqdır.
“Azad Zonada əmək qaydaları” adlanan 20-ci maddəni və Azad Zonada ətraf mühitin mühafizəsini nəzərdə tutan 23-cü maddəni xüsusi şərh etməyə ehtiyac yoxdur, çünki 6-cı maddədə göstərdiyim kimi, həm əmək münasibətləri, həm də ətraf mühit məsələləri qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun hazırlanacaq, daxili qaydalarla tənzimlənəcəkdir.
22-ci maddənin məzmununu əks etdirən Azad Zona miqrasiya məsələləri “bir pəncərə” qaydasında işləyən Biznes Xidmətləri Mərkəzi vasitəsilə həll ediləcək və bununla əlaqədar olan bütün məsələlər yenə də daxili qaydalarda öz əksini tapacaqdır.
Standart şəkildə yazılmış 21-ci maddə “Ezam olunan heyət” və “Azad Zonada investorların hüquqlarının qorunması” adlı 24-cü maddə barədə ətraflı məlumat verməyə, yəqin ki, ehtiyac yoxdur. Ehtiyac olarsa, bu məlumatı da verə bilərik.
IV fəslin obyekti mübahisələrin həllidir. Başqa hallarda olduğu kimi, bu məsələlərin də Azad Zonanın daxili qaydalarında əks olunması nəzərdə tutulub. Bununla bağlı bir neçə məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Azad Zona səlahiyyətli qurumu tərəfindən yaradılmış mübahisələrin həlli qurumları ancaq bir halda mübahisələrin həlli və təsiri üçün müstəsna yurisdiksiyaya malik ola bilər – əgər Azad Zona subyektləri arasında olan sazişdə, müqavilədə bu cür razılıq varsa. Əgər mübahisə tərəfləri başqa cür razılığa gəliblərsə, onda onların arasında olan mübahisə başqa yurisdiksiyada da tənzimlənə bilər.
Təcrübə göstərir ki, Azad Zona subyektləri mübahisələrin həllində Azad Zonada yaradılmış və fəaliyyətdə olan mübahisələrin həlli qurumlarına üstünlük verirlər. Bu səbəbdən də qanun layihəsində göstərildiyi kimi, Azad Zona səlahiyyətli qurumu Azad Zonada arbitraj mərkəzinin, lazım gələrsə, mübahisələrin digər həlli qurumlarının yaradılmasını və onların fəaliyyətini təmin etməlidir.
Sözsüz ki, Azad Zona subyektləri mübahisələrin həllində Azad Zona mübahisələrin həlli qurumlarına bir halda – əgər Azad Zona mübahisələrin həlli qurumları mübahisələrin həlli və təsiri üçün müstəsna yurisdiksiyaya malikdirlərsə, üstünlük verə bilərlər. Bu da 26.1-ci maddədə öz əksini tapıb. Əgər mübahisə tərəfləri başqa cür razılığa gəlməyiblərsə, əsas iqtisadiyyat məhkəmələri Azad Zonanın səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentinin tərəf olduqları mübahisələrə və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisəyə baxmaq səlahiyyətinə malik deyil. Təbii ki, qanun layihəsinin 4-cü maddəsində göstərilən hallar istisna olmaqla. Azad Zona mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar Azad Zona apellyasiya qurumlarından başqa, hər hansı digər məhkəmə, arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və etibarsız hesab edilə bilməz.
Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilməyən işlərdə əsas iqtisadiyyatın məhkəmə və digər mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar Azad Zonada icra edilməlidir. Xarici məhkəmə, tribunal və ya digər məhkəmə orqanlarının qəbul etdiyi qərarlar Azad Zonada iki halda icra oluna bilər; əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə bunu tələb edərsə və ya Azad Zona səlahiyyətli qurumunun qərarı olarsa. Şübhəsiz ki, bu cür icra Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşdırılacaq.
Sonuncu, 5-ci fəsil “Yekun müddəalar”dır. “Məsuliyyətin məhdudlaşdırılması” adlanan 29-cu maddənin yazılmasında əsas məqsəd Azad Zona səlahiyyətli qurumunun Azad Zona inzibati müəssisələrinin işçilərini qərəzli, haqsız, yetərli əsasları olmayan ittihamlardan qorumaqdır. Bu da kontrakt hüququna əsaslanan bir maddədir və məqsəd vətəndaşlarımızı haqsız, qərəzli, yetərli əsaslar olmayan ittihamlardan qorumaqdır.
Azad Zonada Azərbaycan dili ilə yanaşı, işçi dil kimi ingilis dilindən də istifadə edilə bilər. Hər hansı tərəfin sənədlərindən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yaranarsa, bu halda tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edəcəkdir.
Səbirlə məni dinlədiyinizə görə minnətdarlığımı bildirirəm. Əminəm ki, deputat həmkarlarım qanun layihəsinə dəstək verəcəklər. Təşəkkür edirəm, sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Valeh müəllim, çox geniş, ətraflı məlumat verdiniz.
Hörmətli həmkarlar, müzakirəyə keçməzdən əvvəl bir məsələni, sadəcə, yadınıza salmaq istəyirəm. Bu qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılır. Daxili Nizamnaməyə görə, birinci oxunuşda, bir qayda olaraq, qanunun konsepsiyasına qiymət verilir. Yəni burada hüquqi, iqtisadi, maliyyə, hətta siyasi təhlükəsizlik parametrlərinə görə bu qanunun zəruriliyi əsaslandırılmalıdır. Ona görə xahiş edirəm, çıxışlarımızı bu istiqamətdə quraq.
İkinci oxunuşda artıq qanun layihəsini fəsil-fəsil, maddə-maddə müzakirə edəcəyik. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Valeh müəllim Ələt azad iqtisadi zonası haqqında qanun layihəsini hərtərəfli təhlil elədi, geniş məlumat verdi. Təşəkkür edirik. Eyni zamanda, bu qanunun aktuallığını, Azərbaycan üçün zəruriliyini nəzərə alaraq, bu istiqamətdə bəzi fikirlərimizi deməyi vacib hesab edirik.
Dünyada gedən proseslər, kataklizmlər artıq alternativ nəqliyyat və logistika mərkəzlərinin yaranmasını obyektiv zərurətə çevirir. Heç şişirtmədən məsələyə obyektiv yanaşsaq, Azərbaycanın geopolitik, coğrafi vəziyyəti, Şərqlə Qərb arasında bir körpü rolunu oynaması, o cümlədən Ələtin özünün də nəqliyyat qovşaqları üzərində yerləşməsi belə deməyə əsas verir ki, məhz bu iqtisadi zonanın Ələtdə yaradılması çox uğurlu bir variantdır. Hesab edirəm, orada indiyə qədər görülən işlər və Ələtdə dəniz limanının tikilməsi həm perspektivlidir, həm də yenə də heç bir mübaliğəyə yol vermədən qeyd eləmək olar ki, Ələtin nəqliyyat qovşaqlarının üzərində yerləşməsi Xəzərin dünya okeanına çıxışının olmamasını kompensasiya edə biləcək. Bu nöqteyi-nəzərdən məsələyə yanaşanda yük daşınmanın qısa müddət ərzində artırılmasına inanıram və hesab edirəm ki, bu istiqamətdə xeyli uğurlu nəticələr əldə ediləcək.
Eyni zamanda, onu da qeyd eləmək istəyirəm ki, dünya praktikasında ticarət zonası kimi hansısa bir liman modelləri və sair uğurlu işləsə də, istehsal zonalarının işlənməsi həm zaman aparır, həm də açılan 10-dan 9-u uğursuz olur. Amma hesab edirəm ki, bu qanun kifayət qədər mükəmməl hazırlandı. Orada nəzərdə tutulan məqamlar, xüsusən vergi və digər sahələrdə olan güzəştlərin həyata keçirilməsi, kənardan olan müdaxilələrin qarşısının alınması, eyni zamanda, giriş, çıxış və sair məsələlərin həyata keçirilməsi, dünyada əsas rol oynayan valyutanın həmin zonada sərbəst işləyə bilməsi – xeyli şey sadalaya bilərəm ki, burada məhz istehsal zonası kimi bunun fəaliyyət göstərməsi istiqamətində uğurlu addımlar ata bilərik. Amma bir şərtlə ki, burada göstərilənlər fikirdə, sözdə, işdə, həqiqətən də, reallaşsın. Bu sahədə də işlər, hesab edirəm ki, görüləcək.
Mənim dediklərim qanuna irad formasında yox, məhz bu işlərin görülməsində hüquqi təminatın böyük rol oynaması ilə bağlıdır, çünki investorlar bilavasitə bu hüquqi sənədə daha çox qiymət verirlər nöqteyi-nəzərindən yanaşanda müəyyən məqamların 3 parametr əsasında nəzərdən keçirilməsini qeyd eləmək istəyirəm.
Birinci, qanunun konsepsiyası məfhumuna nə daxildirsə, bu kontekstdə fikirlərimi deyəcəyəm.
İkinci, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qanunun hansı parametrlər əsasında qurulmasını, yazılmasını tələb edir kontekstində fikrimi deyəcəyəm.
Üçüncü isə azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsinə həsr olunmuş 2017-ci il 31 may tarixli Prezident sərəncamının tələblərindən irəli gələn məqamları meyar götürərək qeyd edəcəyəm. Bunları düzəltmək də olar, düzəltməmək də. Amma düzəltsək, hesab edirəm ki, daha məqbul hesab olunar.
Birinci məqam. Hamı bilir ki, qanun ümumi cəhətləri və ümumi normaları ifadə edir. Amma bu ümumi cəhətlər, ümumi normalar müəyyən bir həddən keçəndən sonra müəyyən abstraksiya yarada bilər. Bu abstraksiya yaranmasın deyə hər halda fikirləşib bir məqam tapmaq olar. İkinci oxunuşa qədər bu haqda fikirləşərik. Əgər biz Ələt azad iqtisadi zonası haqqında qanundan “Ələt” sözünü çıxarıb, Lənkəran, Quba, Xaçmaz,  yaxud da Batumi yazsaq, həmin şəhərlərə aid olacaq. Ona görə də bu qanunun, həqiqətən, Ələt iqtisadi zonasına aid olması nöqteyi-nəzərindən beynəlxalq praktikada olan Azad Zona əvəzinə mötərizədə Ələtdən istifadə eləməklə yazılardan istifadə edilsə, hesab edirəm ki…
Sədrlik edən. Əli müəllimə mikrofon verin. Axırıncı fikrinizi tuta bilmədim. Adından “Ələt” sözü çıxarılsın dediniz?
Ə.Məsimli. Mötərizədə Azad Zona yazılıb. Azad Zonanın əvəzinə Ələt AİZ yazılsa, mənə elə gəlir ki, daha aydın olar. Bu, Ələtin reklamı üçün də çox vacibdir.
İkinci məqam ondan ibarətdir ki, qanunda 5–6 yerdə strateji məqsəddən söhbət gedir. Təbii ki, bir dövlətin yanaşması, məqsədi olur, bir də investorun mövqeyi. Ortaq məxrəci, hesab edirəm ki, strateji məqsəd kontekstində vermək olar. Amma hər halda bu strateji məqsədin nə demək olduğu qanunda öz əksini tapmalıdır ki, oxuyanlara, investorlara və sairəyə kifayət qədər aydın olsun.
Üçüncü vacib hesab olunan məsələni də qeyd eləmək istərdim. Qanunda prinsiplər məsələsi öz əksini tapsa, ziyan verməz. Fəaliyyətin əsas prinsipləri nədən ibarətdir? Başqa qanunvericilik sənədlərində, yəni azad iqtisadi zonalara aid olan başqa sənədlərdə bu məsələ öz əksini tapıb.
Dördüncü, bu məsələni Valeh müəllim də qeyd elədi. Qanun layihəsində mülkiyyət münasibətləri 3 komponentdən ibarətdir. Sahiblik, istifadə və sərəncam. Təbii ki, Valeh müəllimin çıxışında da bu öz əksini tapdı. İcarə, başqa şəkildə sərəncam vermək. Başqa şəkildə sərəncam vermək, bayaq qeyd elədiyim 3 komponentin başqaları deməkdir. Ona görə də hesab edirəm ki, buna müəyyən aydınlıq gətirilməlidir. Çünki həmin torpaqlardan və sairdən istifadə məsələlərində mülkiyyət münasibətlərinə tam aydınlıq gətirilməsi çox vacib məqamdır.
Eyni zamanda, qeyd olunması vacib olan bir məsələ də budur ki, çalışmaq lazımdır ki, normativ hüquqi aktların tələblərinə görə qanunvericilik sənədlərində ziddiyyətlər olmasın. Həmin məsələni mən ziddiyyət kimi yox, arzu kimi qeyd eləmək istərdim. Özü də mən dəstəkləyirəm ki, belə bir məqamın olması çox vacibdir. Məsələn, maddə 4-də qeyd olunub ki, Azad Zonada əsas iqtisadiyyatın cinayət qanunvericiliyi tətbiq olunur. Bu çox gözəldir və çox vacibdir. Amma 29-cu maddədə saxtakarlıq, kobud ehtiyatsızlıq və sairdən başqa qalanlarında azad olma qeyd olunub. Burada müəyyən dərəcədə cilalanmağa… Açıq deyirəm ki, qanunun müdaxiləsi və sair azaldılması istiqamətində orada görülən işlərə tərəfdaram, amma müəyyən dərəcədə “Normativ hüquqi aktlar haqqında” Qanuna uyğun surətdə burada müəyyən çatışmazlığın olmaması, yaxud da sonradan problemlərin yaranmaması nöqteyi-nəzərindən bu məsələyə baxmaq çox vacibdir.
Nəhayət, burada hansı qanunun üstünlük təşkil eləməsi məsələsi. Burada azad iqtisadi zona haqqında qanun üstünlük təşkil eləyir. Eyni zamanda, Cinayət Məcəlləsindən başqa digər qanunvericiliklərin də burada iştirakı sonradan alt sənədlərdə öz əksini tapıb, uyğunlaşma gedəcək. Düzdür, orada var, amma beynəlxalq kontekstdə yaxşı səslənməsi üçün Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquq normaları məsələsini bir balaca qabarıq vermək hesab edirəm ki, bu qanunvericilik sənədini zənginləşdirər, bu məsələyə heç də ziyan gətirməz.
Ələtdə olan dəniz limanını çıxmaq şərti ilə qalan sahələrdə azad iqtisadi zonanın yaradılması üçün kifayət qədər vəsait, maliyyə tələb olunur. Orada həmin maliyyənin mənbələri göstərilib. Həmin mənbələrdən biri də, təbii ki, dövlət vəsaitidir. Təbii ki, Valeh müəllimə aid məsəl deyil, bu işlə məşğul olanlar “daha çox öz vəsaitimizdən  istifadə edəcəyik” ifadəsini işlədirlər, amma vəsait həddən artıq böyük olacaq. Hesab edirəm ki, burada həmin dövlət vəsaitinə də ehtiyac olacaq. 
Sədrlik edən. Əli müəllim, vaxtınız bitdi, çox sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli sədrlik edən, hörmətli deputatlar! Komitədə mən bir sıra təkliflər vermişdim. Düzü, çıxış eləmək fikrim yox idi, amma baxıb görürəm ki, iki dəfə dalbadal işlədilən “səlahiyyətli” sözünün biri belə çıxarılmayıb. Biri böyük hərflə, digəri xırda yazılıb. Dedim, yəqin bu, xüsusi isimdir. Amma yuxarıda baxanda xüsusi isim kimi gördüm, orada kiçik hərf kimi yazılıb.
Bir sıra məsələlər var ki, təkliflərimizin heç biri nəzərə alınmadı. Ona görə çıxış eləmək məcburiyyətində qaldım. Amma hər bir halda böyük zəhmət çəkmiş Valeh müəllimə təşəkkür edirəm. Doğrudan da, bu inqilabi bir layihədir, inşallah, Azərbaycan bunun xeyrini görər.
Söhbət konseptual yanaşma məsələlərinə gələndə deyim ki, burada bir neçə müddəa var ki, konseptual nöqteyi-nəzərdən müəyyən ziddiyyətlər var. Onların aradan qaldırılmasını arzu edirəm. Bu nədən ibarətdir? Birinci növbədə Konstitusiya və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda olan ziddiyyətlərdir. Biz bilirik ki, Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Eyni zamanda, burada bir sıra ziddiyyətlər var ki, onların düzəldilməsi lazımdır. Mən hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə əsasən biz Konstitusiyaya əlavələr şəklində, ya ayrıca Azad iqtisadi zonalar haqqında qanun, ya da heç olmasa, Azad iqtisadi zonaların hüquqi rejimi haqqında xüsusi qanun qəbul etməliyik ki, Azərbaycan Respublikasının ümumi qanunlarının, Konstitusiyasının birbaşa orada təsiri olmadığı, heç olmasa, Konstitusiya qanunlarında öz əksini tapmış olsun.
İkinci məsələ ondan ibarətdir ki, ola bilər, konseptual qaydada burada bir sıra məsələlərə toxunmamaq da olar. Biz bilirik ki, bu qanunda həmin azad iqtisadi zonada torpaq sahibliyi üzərində məsələyə toxunulmayıb, çünki əcnəbilərin Azərbaycanda torpaq sahibliyi hüququ yoxdur. O nöqteyi-nəzərdən görünür “sahiblik” sözü birbaşa  deyilmir, sahiblik, istifadə, sərəncam hüquqlarından söhbət gedir.
Ümumiyyətlə, bir sıra məsələlərdə konkret hansı konseptual müddəaları nəzərdə tuturamsa, onu demək istəyirəm. Heç bir vəchlə razılaşa bilmərəm ki, Azad Zonanın idarə heyətinin, adi bir təşkilatın qəbul etdiyi daxili qaydalar Azərbaycan Respublikasının qanunlarından üstün olsun. Bu qanunda bir neçə yerdə və 3.3-cü maddədə birbaşa göstərilir ki, Azad Zonanın qanunları əsas iqtisadiyyat qanunvericiliyindən üstündür. Mən hesab edirəm ki, bu, ciddi ziddiyyət təşkil edir, aradan qaldırılmalıdır.
Mən ikinci məsələyə də toxunmuşdum. Biz bilirik ki, bu qanunun özündəki Azad iqtisadi zonanın təşkilati strukturunu müvafiq icra hakimiyyəti müəyyən edir. Bu qanunda hətta sədrlik edənin fəaliyyəti və idarə heyəti haqqında müddəalar öz əksini tapır. Əgər icra hakimiyyəti müəyyən edirsə, nə üçün biz – qanunverici orqan bu qanun vasitəsi ilə bunu müəyyən edirik? Burada da norma yaratmaq texnikası baxımından mən  bunu düzgün hesab etmirəm və hesab edirəm ki, düzəldilməlidir.
Üçüncü deyəcəyim müddəaya bayaq toxundum. Bunun üstündə çox dayanmaq istəmirəm, çünki vaxtımın getməsindən qorxuram. Dediyim kimi, bu, Azad Zonanın ərazisində torpaq sahibliyi məsələsinin açıq göstərilməsidir.
Dördüncü ən mühüm məsələnin üstündə xüsusilə dayanmaq istəyirəm. Konstitusiyanın 125-ci maddəsi var. Həmin maddəyə əsasən məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsinə və yaradılmasına Konstitusiya qadağa  qoyur. Lap birbaşa məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmuş hüquqi üsulların tətbiq edilməsi, yaradılması qadağandır. Amma biz burada xüsusi məhkəmələr yaradırıq. Bundan başqa, Konstitusiyanın 130-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinin  bütün qanunların, qərarların, normativ hüquqi aktların Konstitusiya və qanuna uyğunluğunu yoxlamaq səlahiyyəti var. Bu ondan məhrum olur.
131-ci maddəyə əsasən Ali Məhkəmənin ümumi və xüsusi ixtisaslaşdırılmış məhkəmələrin qərarlarını  təftiş edib, yoxlayıb, ondan şikayət qəbul  etmək hüququ var.   Bu qanun bunu ondan da məhrum edib. Ona görə mən hesab edirəm ki, bu, Azərbaycan Respublikası Konstitusiyasına ziddiyyət təşkil edir, bunu aradan qaldırmaq lazımdır.
Təəssüf ki, vaxtım qurtarır. Amma bir halda burada ekologiya məsələsinin ümumi olduğunu xatırladıram. O vaxt SSRİ Ali Sovetinin ekologiya komitəsinin sədri Tacikistandan idi. Ümumi iclasda Pribaltikadan olan bir şəxs ona irad tutdu ki, ekologiya nədir ki, ekologiya komitəsinin sədrisən. İndi biz burada sadəlövhük, amma onu düzəltmək lazımdır. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev.  Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, bu qanun layihəsi komitə iclaslarında da müzakirə olunanda mən Valeh müəllimə öz təşəkkürümü bildirdim. Doğrudan da, onun rəhbərliyi ilə işçi qrup ciddi bir qanun layihəsi hazırlayıb. Mən komitədə onun plenar iclasda müzakirəsi üçün səs verdim. Amma komitədə də söyləmişdim, indi də söyləyirəm, bu qanunda Konstitusiya ilə ziddiyyət təşkil edən norma var.
Burada Valeh müəllim qeyd etdi, məndən öncə hörmətli Tahir müəllim də danışdı. Burada əmək hüquqları ilə bağlı 20-ci maddədən, –söhbət əmək qaydalarından gedir, – mübahisələrin həlli ilə bağlı 26-cı maddədən, ekologiya ilə bağlı 23-cü maddədən söhbət gedir. Düşünürəm ki, bu normalar yenidən işlənməlidir, ya da ümumiyyətlə, qanunvericilikdən çıxarılmalıdır.
Bu qanunun əsas məqsədi nədən ibarətdir? Azərbaycan öz ərazisinin bir hissəsində müəyyən xarici investorlar üçün əlverişli şərait yaradır, müəyyən güzəştlər nəzərdə tutur. Söhbət vergi və gömrük rüsumlarından  azad olmaqdan gedir və biz də bunu alqışlayırıq. Amma hörmətli Valeh müəllim, əgər söhbət vətəndaşların fundamental hüquq və azadlıqlarından gedirsə, burada   xarici investora hansı güzəştdən söhbət gedir? Yaxud ekologiya ilə bağlı xarici investora hansı güzəştdən söhbət gedə bilər? Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq.
İkincisi, bizim Konstitusiyanın 60-cı maddəsində birbaşa qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan məhkəmələrinə müraciət etmək hüququ var. Bizim Konstitusiyada yenə yazılır ki, bu Konstitusiya Azərbaycan Respublikasında, hətta beynəlxalq qanunlardan da üstün hüquqi qüvvəyə malikdir. Biz də bunu bir daha komitənin iclasında sizə xatırlatdıq, amma siz yenə də plenar iclasa qanun layihəsini eyni qaydada təqdim etmisiniz.
Komitənin iclasında, əlbəttə, bu təklifləri səsləndirən şəxsləri “vətənpərvərlikdə” ittiham etdiniz. Mən özümü həqiqi vətənpərvər hesab edirəm, amma məsələnin  bu hissəsini qoyaq kənara. Söhbət qanunlara və Konstitusiyaya münasibətdən gedir. Axı bizim əmək qanunvericiliyi beynəlxalq öhdəliklərə, yəni əmək hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyaya uyğun olaraq hazırlanıb. Yox, Siz qaydalarda yenə də həmin konvensiyalara istinad edəcəksinizsə, artıq biz onsuz da Əmək Məcəlləsinə istinad etmişik.
Ekologiya ilə bağlı onsuz da beynəlxalq konvensiyalara istinad etmişik. Niyə orada əlavə qanunlar, qaydalar yazılmalıdır? Əslində, mən sizə orada təklif verdim ki, həmin Azad Zonada istehsal olunan mallar Azərbaycanın əsas iqtisadi zonasına idxal olunanda, tutaq ki, Rusiya orada bir zavod açıbsa, öz məhsulunu 18 faiz gömrük rüsumu əsasında  idxal edəcək, Türkiyə müəssisə açıbsa, 36 faizlə idxal edəcək. Mən təklif edərdim ki, bəlkə bunların hamısı üçün bir az da aşağı faizlə vahid bir standart müəyyənləşdirək? Məsələn, onlar 10 faiz gömrük rüsumu ödəməklə istehsal etdikləri məhsulları Azərbaycana idxal edə bilsinlər. Tutaq ki, rus və türk şirkəti həmin ərazidə 50 faiz payla birgə müəssisə açır. Onda bu rüsumlar necə tutulacaq? Misal üçün deyirəm, ondan 36 faiz, yoxsa 18 faiz vəsait alınacaq? Yəni bu cür məsələləri biz komitənin iclasında qaldırmışdıq, amma plenar iclasa bunlar təkliflərimiz nəzərə alınmadan çıxarılıb.
Mən bir daha Valeh müəllim, Sizə öz hörmətimi ifadə etməklə vurğulamaq istəyirəm ki, burada söhbət Sizə münasibətdən getmir, hazırlanmış qanun layihəsinin ölkə Konstitusiyası ilə ziddiyyət təşkil etməsindən gedir. Ona görə düşünürəm ki, birinci oxunuşda buna səs verə bilərik, amma ikinci oxunuşda mütləq bu məsələlər düzəldilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının hətta Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ var. Bu necə həll olunacaq?  Bu cür məsələlər, düşünürəm ki, ümumiyyətlə, bu qanunun predmeti olmamalıdır. Bu qanunda yalnız iqtisadi baxımdan əlverişli şərtlər, bir də, sənədləşmə işlərində “bir pəncərə” prinsipi tətbiq etmək olar ki, onlar qısa müddətdə asan şəkildə bunları həll etsinlər.
Tutaq ki, orada yaşayış binası, müəssisə tikiləcək. Həmin binaların təhlükəsizliyi ilə bağlı qanunlar, qaydalar qəbul etsək, bilirsiniz, gərək bütün Azərbaycanda bu tipli məsələləri tənzimləyən qanunları ayrıca hər birinin başlığını qoymaqla qaydalar formasında həmin zona üçün qəbul  edək. Ona görə ki, bunlar ciddi məsələlərdir. Sabah zavod, yaşayış binası uçarsa, bunun məsuliyyətini kim daşıyacaq? Deməli, o məsələlərlə bağlı, yaxud digər təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq biz  gərək Tikinti Məcəlləsi qaydaları qəbul edək.  Düşünürəm ki, bunların heç birinə ehtiyac yoxdur. Sadəcə olaraq, investorlar üçün vergi və gömrük rüsumlarından azad olmaq, bir də, onların əmlakının əsas iqtisadi zonaya, yəni Azərbaycanın digər bölgəsinə ixrac etmək üçün güzəştlər nəzərdə tutulması tamamilə yetərlidir.
Bir də, təklif edirəm, bunun adını “Ələt iqtisadi zonası haqqında qanun” qoymayaq, ümumiyyətlə, “Azad iqtisadi zonalar haqqında qanun” qoyaq. Gələcəkdə ola bilsin ki,  Azərbaycanın başqa bölgələrində də elə azad iqtisadi zonalar yaradaq. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Müzakirə etdiyimiz bu qanun layihəsi ölkəmizin günü-gündən artan siyasi nüfuzunun, iqtisad qüdrətinin və potensialının bariz göstəricisidir.
Azad iqtisadi zonanın fəaliyyətini təmin etmək üçün başlıca 3 vacib şərt – birinci, ölkədə iqtisadi sabitlik, ikinci, əlverişli təbii coğrafi mühit, üçüncü, yüksək səviyyəli qanunvericilik bazasının mövcudluğu mütləq təmin olunmalıdır. Biz görürük ki, birinci şərt, ölkədə siyasi sabitlik tam mövcuddur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə siyasi sabitlik mövcuddur. Bu da onun nəticəsidir ki, ölkə daxilində vətəndaşların maraqlı iqtidar, Prezident tərəfindən daim qorunur, müdafiə olunur. Digər siyasi stabilliyin göstəricisi isə budur ki, region ölkələri ilə düzgün diplomatik münasibətlər qurulur. Yəni azad iqtisadi zona üçün birinci şərt ən yüksək səviyyədədir. 
İkinci şərt, əlverişli təbii coğrafi mühitin olmasıdır. Bununla bağlı hörmətli həmkarlarım danışdılar. Azad iqtisadi zonanın yerləşdiyi Ələt çox əlverişli coğrafi mövqedədir. Həm su, həm də dəmir yol qovşaqlarının Ələt ərazisindən keçməsi.
Bu iki şərt  ödənildikdən sonra üçüncü şərt yüksək dərəcədə qanunvericilik bazasının möhkəmləndirilməsidir. Elə bəri başdan deyim ki, bizə təklif olunan bu qanun layihəsi çox mükəmməldir. Sözsüz ki, mən də qanun layihəsi ilə tanış olarkən digər azad iqtisadi zonaların qanun layihələri ilə ötəri də olsa, maraqlandım. Doğrudan da, ən müasir, iqtisadi potensialımızı, gücümüzü və gələcəkdə milli iqtisadiyyatımızın artmasını təmin edəcək bir qanun layihəsidir. Buna görə də hesab edirəm ki, bu qanun layihəsinin qəbul olunması çox vacibdir  və buna səs verməyimiz lazımdır.
Bununla yanaşı, mən bir fikrimi də demək istəyirəm. Bu, azad iqtisadi zonanın adı ilə bağlıdır.  Məlumdur ki, azad iqtisadi zona Ələt qəsəbəsində  yerləşdiyi üçün o, “Ələt azad iqtisadi zonası” adlandırıldı. Ancaq bütövlükdə bu ərazi, Ələt qəsəbəsi Qaradağ rayonunun ərazisindədir. Bu mənim fikrimdir, elə azad iqtisadi zonanın “Qaradağ azad iqtisadi zonası” adlandırılması strateji baxımdan daha məqsədəmüvafiq hesab olunar. Nə üçün? Birinci səbəbi dedim, Qaradağ rayonunun özündə yerləşir.
İkinci səbəbi ən başlıca səbəb hesab edirəm. Artıq mən bilirəm, bu, faktdır, Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir layihə dünyaya bir nümunə bəxş edir və bir modelə çevrilir. Bu azad iqtisadi zona da belə olacaq və dünyanın hər yerində tanınacaq. Hər bir yerdə – portallarda, kütləvi informasiya vasitələrində, yəni bütün şəbəkələrdə “Qaradağ” sözü  dünyanın iqtisadi xəritəsinə düşəcək. Bununla da biz “Qaradağ” və “Qarabağ” sözlərinin məhz Azərbaycana məxsus toponimlər və bu yerlərin Azərbaycan torpaqları olduğunu başqa formada bir daha nümayiş etdirmiş oluruq. Bu səbəblərə görə azad iqtisadi zonanın “Qaradağ” adlandırılmasını bununla əsaslandırıram.
İkinci, söhbət ki addan düşdü, hesab edirəm, Qaradağ rayonunun adının da ulu öndər Heydər Əliyevin adını daşıması qaradağlıların ürəyincə olar. Bununla da qaradağlılar ulu öndərimizin 95 illik yubileyində mənəvi borclarını yerinə yetirmiş olarlar. Çünki ulu öndərimiz hələ sovet dövründən başlayaraq çox böyük işlər görmüş, eyni zamanda, cənab Prezidentimiz Qaradağda çox vacib layihələr həyata keçirmiş, qaradağlılara çox böyük mənəvi dəstək olmuşdur. Bununla da müəyyən borcumuzu yerinə yetirmiş olarıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri,  6 həmkarımız da çıxış edəcək. Ziyafət müəllim  demişdi, mən də xahiş edirəm, bu, birinci oxunuşdur, qanuna konseptual yanaşmaq lazımdır. Əsas izahatlar ikinci oxunuşda olacaq.
Bu qanun haqqında danışanda birinci, qarşıya bir məqsəd qoymaq lazımdır. Bu investor, filankəs niyə gətirib bura pul qoymalıdır? Kimə borcu var onun? Əgər onun yüksək gəliri yoxdursa, bura niyə gəlməlidir? Birinci,  konseptual baxımdan bu məsələni qarşıya qoymaq, ondan sonra başqa məsələlərə keçmək lazımdır. 
Dünyada 3500 dənə azad iqtisadi zona var. Onlardan 150-si normal işləyir. Nəyə görə? Çünki normal şərait yaradılmayıb. Ancaq normal şərait yaradılan ölkələrdə azad iqtisadi zonalardan götürülən gəlirlər ən yüksək səviyyədədir. Elə onların yükdaşımaları nəyə desən dəyər. Bu məsələlərə bir az fikir verək, qanuna konseptual yanaşaq. Buyursun Mahir Abbaszadə. 
M.Abbaszadə. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Dünya təcrübəsi iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ərazilərinin sürətli inkişaf etdirilməsində azad iqtisadi zonaların mühüm rol oynadığını göstərir. Müxtəlif ölkələrdə azad iqtisadi zonaların müxtəlif formaları tətbiq olunur. İnkişaf etmiş iqtisadiyyata malik olan dövlətlərdə, xüsusilə Qərbi Avropa dövlətlərində, Amerika Birləşmiş Ştatlarında və Yaponiyada azad iqtisadi zonaların dəniz portlarında  rüsumsuz azad  ticarət zonaları, azad hava limanları, azad bank və maliyyə mərkəzləri, ofşor  zonaları fəaliyyət göstərir.
İnkişaf etməkdə olan və keçid iqtisadiyyatı olan dövlətlərdə, – bura xüsusilə latın Amerikası ölkələri və Sakit okean hövzəsində olan dövlətlər aiddir, – fəaliyyət göstərən azad iqtisadi zonalar isə əsasən ixrac yönümlü məhsulların istehsalı üzrə formalaşıblar. Bu zonaların yaradılmasında məqsəd istehsal olmuş məhsulu xarici ölkələrə, xarici bazarlara çıxarmaqla ölkəyə kifayət qədər sərbəst dönərli valyutanın gətirilməsini təmin etməkdir ki, Latın Amerikası ölkələri də bu istiqamətdə öz iqtisadiyyatlarını inkişaf etdirməkdədirlər.
Məhz bunun nəticəsidir ki, bu gün dünyada kifayət qədər azad iqtisadi zona fəaliyyət göstərir. Dünyanın ən böyük  dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarında təkcə dəniz limanlarında və aeroportlarda 600-dən artıq azad ticarət zonası fəaliyyət göstərməkdədir.
Bu nöqteyi-nəzərdən bu gün müzakirə etdiyimiz Ələt azad iqtisadi zonası   haqqında   qanun   layihəs   gələcəkdə  Azərbaycanın  qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaqdır. Baxmayaraq ki, Azərbaycan son illərdə kifayət qədər beynəlxalq layihələrə imza qoymuşdur. Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi, neft layihələri ilə bağlı müqavilələrin vaxtının artırılması bu qəbildəndir. Amma dünya iqtisadçıları hesablayıblar ki, dünya iqtisadiyyatına qoyulan investisiyalarla bağlı təhlükələr aradan qalxmamışdır. 
Xatırlayırsınızsa, Yeni Azərbaycan Partiyasının qurultayında da cənab Prezident qeyd etdi ki, biz 2018-ci ildə Azərbaycan iqtisadiyyatını, xüsusilə qeyri-neft sektorunu inkişaf etdirməliyik və burada əsas məsələ dünyada təcrübədən keçmiş mütərəqqi iqtisadi islahatların Azərbaycan iqtisadiyyatına tətbiq edilməsidir. Bu nöqteyi-nəzərdən Ələt azad iqtisadi zonasının yaradılması Azərbaycan iqtisadiyyatında, qeyri-neft sektorunda yeni bir mərhələnin əsasını qoyacaqdır.
Qanunun məqsədi qabaqcıl sahələrin inkişaf etdirilməsi, Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsidir. Bu kimi zonaların yaradılması regionların balanslı inkişafını təmin edir, eyni zamanda, innovasiyaların regionlara tətbiqini asanlaşdırır. Qanunun stratej istiqaməti isə ölkənin nəqliyyat coğrafi mövqeyinin üstünlüklərini və limanətrafı ərazilərin potensialını realizə etməkdir. Azad iqtisadi zonaların yaradılması Azərbaycanın dünya təsərrüfat əlaqələrinin inteqrasiyasını sürətləndirəcək, digər ölkələrin bu gün analoji zonalarına yönələn   nəhəng əmtəə və kapital axınlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına kömək edəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir.

 

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Müzakirəni davam etdiririk. Buyursun Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirə etdiyimiz qanun layihəsi Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsinin başlandığını göstərir. Bildiyiniz kimi, azad iqtisadi zonaların yaradılmasında məqsəd ölkəmizin beynəlxalq əmək bölgüsündə fəal iştirakını təmin etmək və ixrac üçün rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi yolu ilə valyuta daxilolmalarının artımına nail olmaqdır.
Onu da qeyd etmək istəyirəm ki, bu istiqamətdə ölkəmizdə müəyyən işlər görülmüşdür. Belə ki, Prezident İlham Əliyev cənablarının göstərişi və birbaşa iştirakı ilə respublikamızda azad iqtisadi zonanın bəzi xüsusiyyətlərini özündə əks etdirən iqtisadi zonalar – Sumqayıt kimya texnologiya parkı, Mingəçevir tekstil texnologiya parkı, Neftçala sənaye məhəlləsi, Yalama və Şəmkir aqroparkları və digər iqtisadi zonalar yaradılmış və bu istiqamətdə işlər sürətlə genişlənməkdədir. Bu zonalarda da binaların tikintisini, kommunikasiya və infrastruktur xətlərinin çəkilməsini dövlət öz üzərinə götürmüşdür. Həmin zonalarda quraşdırılan avadanlıq və qurğular gömrük rüsumundan azad olur, müəssisələr isə 7 il müddətinə bütün vergilərdən azaddırlar.
Ələt azad iqtisadi zonasının yaradılması da bu istiqamətdə atılan yeni bir addımdır və şübhəsiz ki, azad iqtisadi zonalara məxsus iqtisadi, sosial və elmi-texniki məqsədləri daha geniş formada özündə cəmləşdirir.
Qanunun mətni ilə tanışlıq onu deməyə əsas verir ki, bu zonanın yaradılmasında iki yanaşma mövcuddur. Həm zonanın yerləşdiyi regionun sosial-iqtisadi inkişafını təmin etmək üçün burada yaradılan müəssisələrə başqa ərazilərdə yerləşən müəssisələrdən fərqli olaraq xüsusi güzəştli vergi, gömrük və digər rejimlər tətbiq olunur, həm də bu zonada həmin güzəştlər müxtəlif sahibkarlıq fəaliyyəti növlərinə şamil olunur.
Göstərilən məqsədlərə çatmaq üçün qanun layihəsində azad iqtisadi zonada tətbiq edilən qanunvericilik, zonanı idarə edilməsini təmin edən səlahiyyətli qurumun yaradılması, onun hüquq və vəzifələri, bu qurumun idarə olunması, Ələt Azad Zonasında yaradılan hüquqi şəxslərin bu zonada fəaliyyəti, vergi tənzimlənməsi, gömrük işi, sərhəd rejimi, zonanın ərazisi, mübahisələrin həlli və zonanın xüsusiyyətlərinə uyğun digər məsələlər geniş və asan anlaşılan formada əks olunmuşdur.
Qanun layihəsində Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə bağlı bütün məsələlər əhatə olunduğuna görə hesab edirəm ki, bu qanunun qəbul edilməsi ölkəmizdə iqtisadiyyatın və sosial həyatın inkişafına böyük təkan verməklə dünyanın inkişaf etməkdə olan və inkişaf etmiş ölkələri ilə rəqabət aparmaqda respublikamızın gücünü xeyli artıracaqdır. Ələt azad iqtisadi zonasının yaradılması, yeni iş yerlərinin açılması, yeni və ən müasir texnologiyaların bilik və təcrübənin tətbiqi, bazar münasibətlərinin inkişafı üçün zəruri olan xarici investisiyaların cəlb edilməsi, yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə heyətinin təhsil və peşə təcrübələrinin artması üçün çox zəruridir.
Layihə qanunvericiliyin tələblərinə konseptual baxımdan tam uyğundur və mən bu qanunu ərsəyə gətirənlərə və xüsusilə hörmətli Valeh müəllimə təşəkkür edirəm. O ki, qaldı qanunun adına, onu hazırlayandan yaxşı bilən yoxdur. Ələt ərazidir və mən də hesab edirəm ki, bu belə də getməlidir. Deputat həmkarlarımı bu qanuna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən ilk öncə çox dəyərli Valeh müəllimə aydın izahatdan və təqdimatdan dolayı minnətdarlığımı bildirmək istəyirəm. Bu təqdimat bizə komitələrin birgə iclasında da verildi və çox maraqlı müzakirələr aparıldı.
Sırf bu qanunla bağlı fikrimi ifadə edərkən söyləmək istəyirəm ki, Valeh müəllim başda olmaqla hər kəs fərqindədir, burada ən çox ziddiyyət iqtisadçılarla, əsasən, hüquqşünaslar arasındadır. Mən hüquqşünas həmkarlarımın fikirlərinə sırf hüquqşünas olaraq, əslində, haqq verirəm. Nə mənada? Bilirsiniz, bir var siyasətçi olaraq hüquqşünas qiyafəsindən kənar məsələyə baxaq, bir də var sırf hüquqşünas prizmasından. Həmin prizmadan baxanda, həqiqətən də, bizim ali qanunumuz Konstitusiyadır. Konstitusiya deyir ki, məndən o tərəfə heç nə yoxdur, hətta beynəlxalq qanunlar da yoxdur. Təklif də bundan ibarətdir ki, orada yaradılacaq daxili qaydalar, qanunlar daha mütərəqqiliyi özündə ehtiva edəcək, daha ön planda olan qanunların, belə deyək, əksi olacaq və beynəlxalq təcrübədən istifadə olunacaq. Bu baxımdan ziddiyyətlər var. Mən hesab edirəm ki, peşəkar hüquqşünaslar bir daha bu məsələyə xüsusi rəy verməlidirlər, bunu müzakirə etməlidirlər.
Amma digər tərəfdən, artıq hüquqşünas qiyafətindən çıxıb bu məsələyə baxanda düşünmək olur ki, qanunun mahiyyəti, belə desək, elə zatən ondan ibarətdir ki, iqtisadi cəlbedicilik hüquqi cəlbediciliyin üstündə olsun. Yəni, əslində, burada seperat bir şey yoxdur, elə məqsəd budur. Mən burada, əslində, Konstitusiyaya zidd ziddiyyətli məqamlar görmürəm. Bunu izah etmək üçün təəssüf ki, vaxt yoxdur, amma qanunlara bir uyğunlaşdırma olmalıdır. Bu paket şəklindəmi olacaq, hər hansı bir izahımı olacaq, ya necə olacaq, olmalıdır.
Bu məhkəmələrlə bağlı fikrimi söyləmək istəyirəm. Hansı isə formada bir məhkəmə yaradılmalıdır. Bilirsiniz ki, Qazaxıstanda belə bir təcrübə var. Yalnız beynəlxalq qanunlara və yaxud konvensiyalara uyğunlaşdırılmış bir məhkəmə sistemidir. Bu artıq dünyada tətbiq olunur, yəni belə bir president var. Bunun başqa bir formatını və yaxud da eyni adlı formatını həmin zonada da yaratmaq ola bilər.
Bilirsiniz, mahiyyət etibarı ilə bu zona investorlar üçündür. Bu, Elşən Musayev üçün,  başqası üçün deyil, məhz investor üçündür. İnvestor bu qaydaları öyrənib, oxuyub gələcək. Biz bu gün dünya təcrübəsinin, həqiqətən, öndə gedən dövlətlərinə istinad etməsək, onlardan aşağıda dursaq, hər hansı bir qanunları tətbiq etsək, çox dəqiqdir ki, ora heç kim gəlməyəcək. Yəni məntiq etibarı ilə biz bu ziddiyyətləri, hüquqşünas və iqtisadçı ritorikasını nəzərə alıb düşünsək ki, biz hansı məsələlərə vara biləcəyik, məncə, bu mümkün deyil. Ya ümumiyyətlə, heç bu qanun layihəsinin müzakirəsini aparmaq lazım deyil, ya da hamılıqla buna səs verməliyik. Mənim fikrim bundan ibarətdir ki, biz buna səs verməliyik. Ən azından bu sütunu atmalıyıq ki, heç olmasa, o tikəcəklərimizi sonraya saxlayaq.
Bir daha qeyd etmək istəyirəm, dünya təcrübəsində belə bir şey var və kim nə qədər daha çox güzəşt edibsə, o da daha çox udub və dövlətinə qazandırıb. Mən bir daha bu qanunun hazırlanmasında əməyi olan hər kəsə, xüsusən çox dəyərli Valeh müəllimə öz minnətdarlığımı bildirirəm və ilkin mərhələdə bütün həmkarlarımı bu qanun layihəsinə müsbət səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Cənab Sədr, hörmətli Valeh müəllim, hörmətli həmkarlar! Biz sizə təşəkkür edirik ki, iqtisadi baxımdan çox əhəmiyyətli olan bir qanunun müzakirəsinə bizim komitəni də cəlb etmişdiniz. Bilirsiniz, fərqli fikirlərin olmasına baxmayaraq, bizim ümumi rəyimiz ondan ibarət olmuşdu ki, Ələt azad iqtisadi zonası haqqında qanunun qəbulu iqtisadiyyatımızın inkişafının və liberallaşdırılmasının indiki mərhələsində irəliyə doğru atılan çox mühüm bir addımdır.
Mən işçi qrupunun müzakirəsində də iştirak etmişəm və açığı, ilk baxışdan bu qanunun bizim digər qanunlarla ziddiyyət təşkil edəcəyi fikrində idik. Amma beynəlxalq təcrübəni öyrəndikdən, bu qanunun fəlsəfəsinin mahiyyətinə vardıqdan sonra şəxsən mənim fikirlərimdə ciddi dəyişikliklər oldu. Niyə? Ona görə ki, bu qanunda istər investorlar, istərsə də Azərbaycan vətəndaşları üçün əmək hüququndan tutmuş təminata qədər istənilən bütün hüquqların qorunması Azərbaycanın bır sıra milli qanunvericiliklərindən üstün olması nəzərdə tutulur. Çünki vacib bir müddəa var ki, qaydalar qabaqcıl beynəlxalq təcrübəyə söykənməlidir. Əslində xarici investorlar da, vətəndaşlar da özlərinin hüquqlarının daha səmərəli təminatını orda görmüş olacaqlar. Bu baxımdan nə milli qanunvericiliklə, nə də Konstitusiya ilə ziddiyyət yaranır. Bütövlükdə Konstitusiyanın ruhuna zidd deyil, ona görə ki, konstitusyon hüquqların heç birinin pozulmasına yol verilmir.
Bir daha vurğulayıram ki, buradakı qaydaların hətta milli qanunvericilikdə nəzərdə tutulmuş qaydalardan da üstün olması nəzərdə tutulur. Bu baxımdan hesab edirəm ki, biz bu məsələyə fundamental yanaşmalıyıq. Bütün beynəlxalq təcrübə buna söykənir. Bir sıra ölkələrdə məhz daha səmərəli beynəlxalq hüquqi müdafiə mexanizmləri olduğuna görə investorlar həmin azad iqtisadi zonalara söykənirlər. Düşünürəm ki, biz bu qanuna konseptual baxımdan səs verməliyik. Ola bilər ki, biz ikinci oxunuşda hansı isə bir məsələləri müzakirə edək, amma hazırda hesab edirəm ki, bu qanunun bizim Konstitusiyanın ruhu ilə heç bir ziddiyyəti yoxdur. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qanun layihəsinin komitədə müzakirəsində çıxış etmişdim. Amma bu gün çıxışlara qulaq asdım və istədim ki, bəzi məsələlərə münasibətimi bildirim. Bəri başdan deyim ki, mən qanun layihəsini tamamilə dəstəkləyəcəyəm və ona müsbət səs verəcəyəm.
Qanun layihəsi çox əsaslandırılmış şəkildə, dünya təcrübəsi nəzərə alınmaqla, Azərbaycan iqtisadiyyatının bugünkü dövrü üçün olduqca əhəmiyyət kəsb edən çox aktual bir məsələyə həsr olunub. Bu gün konsepsiyanı müzakirə edirik. Bu qanun layihəsinin əsas konsepsiyası, bir az başqa cür desək, fəlsəfəsi ondan ibarətdir ki, Ələt azad iqtisadi zonasının fəaliyyəti üçün real şərait yaradılır. Bu zonada baş verəcək bütün prosesləri və münasibətlər sistemini tənzimləyəcək əsaslandırılmış bir hüquqi bazanın yaradılması bu qanun layihəsinin əsas konsepsiyasını özündə ehtiva edir. Bu mənada hesab edirəm ki, qanun layihəsi bu tələbə tamamilə cavab verir.
Təbii ki, azad iqtisadi zonaların yaradılması yeni bir məfhum deyil. Bir əsrlik, bəlkə də ondan da çox bunun tarixi var. Avropa İttifaqının özünün inteqrasiya prosesinin inkişafının bir mərhələsi də məhz azad ticarət zonasının yaradılması ilə bağlı olub. Dünya iqtisadiyyatına inteqrasiya olunan Azərbaycan üçün belə bir zonanın yaradılması da olduqca əhəmiyyətlidir.
Azad iqtisadi zonalar öz-özünə yaradılmır. Bu, müvafiq icra hakimiyyəti orqanının bilavasitə iradəsi ilə yaranır. Qanunvericilik elə olmalıdır ki, tamamilə liberal münasibətlərə keçsinlər. Tam liberal qanunvericilik olmalıdır. Vergi, gömrük, rüsum məsələləri... Bəzən millət vəkilləri hansı isə güzəştlərdən danışırlar. “Güzəştlər” ifadəsi burada yerinə düşmür. Burada sıfır variantı ilə getmək lazımdır ki, bu zona cəlbedici olsun. Həm investorlar, həm də sahibkarlar üçün elə şərait yaradılsın ki, həmin zonada nəzərdə tutulan məsələlər öz realizasiyasını tapa bilsin. Bu mənada tam tərəfdarıyam ki, qanun layihəsini bir qədər də liberallaşdırmaq lazımdır.
Bununla belə bir-iki məsələ ilə bağlı təkliflərimi vermək istəyirəm. Düzdür, bəlkə də fikirləşərlər ki, bu məsələlər ikinci oxunuşa aiddir, amma mən hesab edirəm ki, qanunun konsepsiyasını müzakirə edəndə də bu məsələyə bir aydınlıq gətirmək lazımdır.
“Ümumi müddəalar”da, 1.07-ci maddədə Azad Zonanın rezidentləri ilə bağlı tam aydın şəkildə göstərilib ki, Azad Zonada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs azad iqtisadi zonanın rezidenti sayıla bilər. Amma nədənsə hüquqi şəxslər yaddan çıxıb, ya da bilmirəm, nəyə görəsə burada yazılmayıb. Təbii ki, qanunun ayrıca bir maddəsi var, hüquqi şəxslərə həsr olunub. Amma burada da mütləq bu məsələnin göstərilməsi vacibdir.
İkinci bir məsələ, burada əsas iqtisadi qurumlar, yəni əsas iqtisadiyyat anlayışı verilib. İqtisadiyyatla məşğul olan bir adam kimi hesab edirəm ki, bunu da bir qədər başqa şəkildə yazsaq, daha düzgün olar. “Əsas iqtisadiyyat qurumları” anlayışında yazılıb ki, Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələr və hüquqi şəxslər. Azərbaycan Respublikasının dövlət orqanları çoxdur, onların hamısı əsas iqtisadiyyat qurumları ola bilməz. Təbii ki, burada yalnız iqtisadi qurumlardan söhbət gedə bilər. Ona görə burada düzəliş edilməsi çox vacibdir. Bununla əlaqədar olaraq “Azad zonada gömrük işi” maddəsinə toxunmaq istərdim. Gömrük işi anlayışı bir qədər geniş məfhumdur. “Gömrük işi” məfhumunda elə məsələlər var ki, onlar bu qanunun predmeti deyil. Ona görə də bəlkə də biz onun proseduraları və əməliyyatlarının tənzimlənməsi məsələsini qeyd etsək, daha düzgün olardı. Bununla əlaqədar olaraq çıxışlarda da qeyd olundu ki, nəyə görə bu zonada istehsal olunan məhsulların ixracı Azərbaycanın digər ərazilərində fəaliyyət göstərən iqtisadi subyektlərdə güzəştli şərtlərlə edilməsin? Yəni müəyyən güzəştlər və sair. Bu qanun layihəsi bayaq dediyim kimi, Azad Zonada baş verən prosesləri tənzimləyir. Ora gətirilən və oradan ixrac olunan məhsullara, xidmətlərə aiddir. Başqa heç nəyə aid ola bilməz. Ona görə də əsas iqtisadi qurumlar deyəndə ki, ora “ixracı” sözü yazılır, bu da bir qədər yaxşı səslənmir. Ona da müəyyən düzəliş edilməsi, hesab edirəm ki, məqsədəuyğun olardı.
Bir daha təkrar edirəm ki, qanun layihəsi çox yüksək səviyyədə hazırlanıb. İşçi qrupuna, onun rəhbərinə mən də öz adımdan təşəkkürümü bildirirəm. Bəzi təkliflər, tövsiyələr də var ki, onları ikinci oxunuşda səsləndirəcəyik. İkinci oxunuşa qədər də, yəqin ki, mən Valeh müəllimə təqdim edəcəyəm. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, icazə versəniz, mən də bu qanun layihəsi ilə bağlı qısaca fikrimi söyləyərdim. Biz bu yaxınlarda üç komitənin iştirakı ilə bu qanun layihəsinin çox geniş müzakirəsini aparmışıq. Doğrudan da, orada çox maraqlı məqamlar, maraqlı suallar oldu. Komitələrin iclasında olduğu kimi, bu gün də hörmətli Valeh müəllim çox geniş izahat verdi, qanun layihəsinə fəsil-fəsil aydınlıq gətirdi. Qanun, doğrudan da, çox dolğun işlənilib və Valeh müəllim başda olmaqla bütün işçi qrupuna öz minnətdarlığımı bildirirəm.
Hesab edirəm ki, bu qanunun qəbulu ölkəmizdə istehsalın, biznesin, respublikanın gəlirlərinin, insanların rifahının artırılmasına yönəlmişdir və mən qanuna uğurlar arzu edirəm. Əfsuslar olsun ki, müəyyən qaydalar var. Yoxsa böyük məmnuniyyətlə təklif edərdim ki, elə bu gün bu qanun layihəsini ikinci və üçüncü oxunuşlarda təsdiq edək və qəbul edək. Eybi yox, gələn oxunuşlarda da biz ona səs verəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən istərdim, Valeh müəllim də sözünü desin, sonra səsə qoyaq. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Bundan öncə və bu gün səslənən bəzi təklifləri, tənqidi sözləri işçi qrupunun birinci iclaslarında çox eşitdim və ona görə də qərara gəldim ki, işçi qrupunun üzvlərini və ekspertlərini özümlə Cəbəl Əli azad iqtisadi zonasına aparım, gözləri ilə görsünlər. İki gün səhərdən axşama kimi sual-cavab oldu. Bu səfərdən sonra işçi qrupu üzvlərinin və ekspertlərinin azad iqtisadi zonalar haqqında fikirləri tam dəyişdi. Əmin oldular ki, deyilənlər Valeh Ələsgərovun və ya kiminsə şəxsi fikirləri deyil.
Söhbət qabaqcıl beynəlxalq təcrübədən gedir. Əgər biz işimizi qabaqcıl beynəlxalq təcrübəyə, uğurlu layihələrə uyğun qurmasaq, heç kim bura gəlməyəcək. Biz üstün olmalıyıq. Fikir verin, ətrafda neçə dənə azad iqtisadi zona yaradılıb. Bu yaxınlarda keçmiş SSRİ məkanında birinci dəfə olaraq Astana şəhərində Astana Beynəlxalq Maliyyə Mərkəzi yaradılıb. Beynəlxalq maliyyə mərkəzinin yaradılması haqqında qanunda yazılıb ki, ingilis  hüququ, ya da ingilis dilində desəm the common law of England and Wales tətbiq olunur. Beynəlxalq arbitrajdır. Arbitrlər hamısı xarici vətəndaşlardır. Məhkəmə, arbitraj ingilis dilində gedir. Bu misalı da mən söyləmişdim. Yəni bu qanun layihəsi hazırlananda dünyada olan ən qabaqcıl təcrübə nəzərə alınıb. Təcrübə deyəndə qanunvericilik aktlarıdır və ondan əmələ gələn başqa qanunlar və qaydalardır. Təbii ki, bu qanun layihəsi qəbul olunandan sonra bizim başqa qanunlarla uyğunlaşdırma aparılmalıdır.
Üçüncü məqam, daxili qaydalar. Uğurla çalışan hər bir azad iqtisadi zonada bütün münasibətlər daxili qaydalarla tənzimlənir. Kimin vaxtı varsa, Cəbəl Əlini, başqalarını göstərə bilərəm, çünki investor daxili qaydalar olmasa, ölkənin bütün qanunvericilik aktlarını öyrənməlidir. Buna vaxtı, imkanı var? Bunların autentikliyi təsdiq edilmiş ingilis dilində, başqa dillərdə variantları var. Ona görə də bütün dünyada bir qanun və daxili qaydalar – bütün proseslər bu cür tənzimlənir. Bunu mən, ya da işçi qrupunun başqa bir üzvü icad eləməyib, bu, beynəlxalq qanunvericilikdə, beynəlxalq təcrübədə var.
Təcrübədən başqa, bundan öncəki qanun layihəsini təhlil edəndə dünyada bu sahədə ən tanınmış 5 şirkətdən birini cəlb eləmişik. Bundan öncəki qanunvericilikdə olan nöqsanları və yeni qanunu hazırlayanda onlardan istifadə eləmişik. Əmin olanda ki, bizim qanun beynəlxalq standartlara, ən qabaqcıl təcrübəyə cavab verir, ondan sonra mən bu qanunu  təqdim eləməyi özümə borc bildim. Bu tək mənim deyil, böyük bir işçi qrupunun və ekspertlərin əməyinin nəticəsidir.
Əgər kimsə fikirləşirsə ki, Ələt öz-özlüyündə cəlbedicidir, yanlış fikirdir. Ələti cəlbedici məkan eləmək üçün bu cür qanun və buna uyğun olan qaydalar lazımdır. Bu olmasa, ora heç kim para qoyan deyil.
Məhkəmələrə aid burada qısa da olsa açıq şəkildə yazılıb ki, əgər tərəflər başqa cür razılaşmayıbsa, onda bunların arasında olan mübahisəni daxildə yaradılmış arbitraj həll edir. Əgər tərəflər razılaşıblarsa ki, mübahisəni Azərbaycan məhkəməsində həll eləsinlər, heç bir problem yoxdur, mübahisələr orada həll olunur. Burada yazılıb ki, Azərbaycan məhkəməsinin qəbul etdiyi qərar Azad Zonada icra olunmalıdır. Əgər mübahisə tərəfləri qərar veriblərsə ki, ingilis məhkəməsində problemlərini həll eləsinlər, bu onların öz işidir. O qərar varsa, onda iki halda icra olunacaqdır. Əgər o ölkə ilə bizim aramızda müvafiq müqavilə varsa, Azad Zona səlahiyyətli qurumu buna baxır və müəyyən edir ki, tələblər ancaq günahı olan tərəfin buradakı əmlakı ilə məhdudlaşır. Burada məhdudiyyət yoxdur, ancaq oradakı məhkəmədir.
Ancaq təcrübə göstərir ki, azad iqtisadi zonalarda çalışan investorlar istəyirlər, bilsinlər ki, bu bizim məhkəmədir, bizim evimizdə olan məhkəmədir. Buna etibar eləyirik. Niyə? Çünki bu məhkəmənin arbitrləri qıraqdan gətirilmiş tanınmış, təcrübəsi, hörməti olan şəxslərdir.
O gün oxuyuram ki, Qazaxıstanda bir arbitraj məhkəməsinin sədri Lord Harri Vulf tanınmış bir mütəxəssisdir, İngiltərənin arbitrlərindən biridir. 10 nəfərdən 10-u da xarici vətəndaşdır və ingilis hüququna əsasən işləri ingilis dilində aparacaqlar. Mütləq tələb deyil ki, Azad Zonanın arbitrajı bütün mübahisələri həll eləsin. Əgər tərəflər başqa cür razılaşmayıbsa, ancaq onda baş verir. Hər bir arbitrajın qərarı olduğu kimi, mütləq yurisdiksiyası da olmalıdır. Belə olmasa, arbitrajın qərarını kim qəbul edəcək? Burada da mən bir problem, ziddiyyət görmürəm. Diqqətlə oxusanız, dediklərimi görərsiniz.
Bir də, Cəbəl Əli azad iqtisadi zonasında olanda bizim nümayəndə heyətinin üzvlərindən biri soruşdu ki, siz hər şeydən azad edibsiniz, büdcəniz nə qədər itirir? Gətirdi, 1979-cu ildəki səhranı göstərdi və dedi ki, burada o vaxt nə itirmişdik ki, indi nə itirək? Amma bu gün büdcəyə 4,5 milyard dollar nağd pul gəlir və Dubayın ümumi daxili məhsulunun 20,5 faizini ancaq bir dənə zona verir.
Nəqliyyat nöqteyi-nəzərindən düzgün yerdə yerləşməyən Dubay limanından ötən il 340 milyon ton yük keçib. Bu, Ələtdə niyə yaradılır? O limanı yükləmək üçün. Orada məhsul istehsal olunsun, qazanc yük daşımaqdadır. Dəmir yolu, avtomobil yolu, gəmilər, liman işləyəcək, ona görə orada yaradılır. Ələt azad iqtisadi zonası deyəndə orada qadağan olmayan nə varsa, hamısını istehsal eləmək olacaq. Gəmiçilik də, dəmir yolu da, avtomobil yolu da yüklənsin.
Bir də, burada vergilərlə əlaqədar məsələ var. Əgər orada istehsal olunan mallar əsas iqtisadiyyat, təsərrüfat subyektinə satılırsa, vergilər tətbiq ediləcəkdir. Bizim burada məqsədimiz eyni malları istehsal eləyən təsərrüfat subyektlərini qorumaqdır. Əgər orada satılan mal burada vergisiz satılacaqsa, onda qiyməti 10 faiz aşağı olacaq və bizim istehsalçı iflas edəcək. Ya da xidmətdir, işdir, eyni ilə buradan ora gedirsə, yenə eyni qaydada vergi verilməlidir. Ştutqartdan “BMW” gətirən vergi ödəmir ki? Vergisini ödəməlidir. Niyə? Çünki Azərbaycanın daxilində çalışan təsərrüfat subyektləri ilə haqsız rəqabətə  girməsin. Bu bizim istehsalçını qorumaq üçün bura yazılıb. Gömrüyə də aiddir, buna görə yazılıb.
Əli müəllim, qeyd etdiyiniz kimi, burada qısa şəkildə, əmək münasibətləridir. Əmək münasibətləri beynəlxalq hüquqda həm şəraiti, həm təhlükəsizliyi, həm təminatı – hər şeyi əhatə edir. “Qabaqcıl beynəlxalq təcrübəyə və beynəlxalq standartlara…”. Bir-bir bütün beynəlxalq müqavilələrin, konvensiyaların 5 vərəqlik adını yazmaqdansa, bir kəlmə ilə yazmışıq. Daxili qaydalarda bunlar beynəlxalq standartlara uyğun yazılacaq. Ətraf mühitlə bağlı da burada konkret yazılıb ki, qabaqcıl beynəlxalq təcrübə və beynəlxalq standartlara uyğun həll olunacaq. Amma məcburi xarakter daşıyan daxili qaydalarda. Bunu nə mən icad eləmişəm, nə də kimsə. Ən qabaqcıl təcrübəni götürüb masanın üstünə qoymuşuq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Hesab edirəm, artıq izahata ehtiyac yoxdur. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.33 dəq.)
Lehinə 87
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki 6-cı məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Biz indi Ələt iqtisadi zonası haqqında qanun layihəsini birinci oxunuşda qəbul etdik və bu sənəd Azərbaycanın beynəlxalq münasibətlərinə, iqtisadi əlaqələrinə ciddi təsir göstərəcəkdir. Təbii ki, beynəlxalq münasibətlərin, ümumiyyətlə, iqtisadi, mənəvi, təhsil münasibətlərinin genişləndirilməsi ilə bağlı bu qanun layihəsinin də öz əhəmiyyəti var. Ona görə ki, artıq diplomatik pasportlardan yox, – biz, demək olar ki, Avropanın bütün ölkələri ilə diplomatik pasportlarla bağlı qanunları artıq qəbul etmişik, – xidməti pasportlardan söhbət gedir.
Siz bilirsiniz ki, xidməti pasportların sayı diplomatik pasportlardan xeyli çoxdur və onlarla əlaqədar olaraq işlərimizi qurmaq çox vacibdir. Benilüks ölkələri deyəndə biz 3 ölkəni nəzərdə tuturuq. Belçika Krallığı, Lüksemburq Böyük Hersoqluğu, Niderland Krallığı – 3 ölkə ilə diplomatik pasportlarla yanaşı, xidməti pasportların da vizadan azad olunması məsələsini bu gün sizə təqdim edirik. Həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Oqtay müəllim. Sözsüz ki, mən də bu müqavilənin təsdiq olunmasına səs verəcəyəm. Amma istərdim, qeyd edim ki, biz daha çox ölkələrlə diplomatik və xidməti pasport sahiblərinin vizasız gediş-gəlişi ilə əlaqədar müqavilələr imzalayırıq. Yaxınlarda mən mətbuatdan öyrəndim ki, Azərbaycan pasportu dünyada hörmətinə görə 70-ci yerdədir. Əlbəttə, 200 dövlət arasında 70-ci yeri tutmaq heç də pis göstərici deyil. Bu pasportun hörməti onunla müəyyənləşir ki, həmin ölkənin vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər. Hörmət bununla müəyyənləşir.
Buna görə mən çox istərdim, Avropa Birliyi ilə qısa bir müddətdə saziş imzalayaq ki, Azərbaycan Respublikasının vətəndaşları Avropa Birliyinə vizasız gedib-gələ bilsinlər. Qonşu Gürcüstan artıq buna nail olub. O cümlədən Amerika Birləşmiş Ştatlarına. Düşünürəm ki, bəzi qonşu ölkələrlə, İran və Türkiyə ilə viza rejimi, ümumiyyətlə, aradan qaldırılmalıdır.
Oqtay müəllim, sözsüz ki, bu istiqamətdə iş gedir, amma hökumət bu istiqamətdə səylərini gücləndirməlidir. Mən istəyirəm, bir məsələni deputat həmkarlarımın diqqətinə çatdırım. Bu günlərdə Avropa Parlamentində Azərbaycanın Dostları Klubu yaradıldı. Oqtay müəllim, şəxsən Sizi təbrik edirəm və bilirəm ki, bu iş Sizin şəxsi nəzarətinizdə idi. Hətta mənim də iştirak etdiyim Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti ilə görüşdə də müzakirə etdiyimiz məsələlərdən biri bu idi. Bu, Azərbaycan üçün çox önəmli məsələdir.
O cümlədən mən Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyevə də təşəkkür etmək istərdim. Onun və qrup üzvlərinin hər birinin bu işdə xidməti var. Bu, Azərbaycan üçün, doğrudan da, böyük bir uğurdur ki, 60 parlamentari dostluq klubuna üzv yazıldı. Ümid edirəm ki, onların sıraları bir az da genişlənəcək.
Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı bu cür əks-təbliğat kampaniyasının genişləndiyi bir dövrdə buna nail olmaq böyük bir uğurdur. Mən bu uğur münasibətilə həmkarlarımı təbrik edirəm. Sonda bir məsələni qeyd etmək istəyirəm. Çalışmalıyıq ki, təkcə diplomatlar və xidməti pasport sahibləri yox, Azərbaycan Respublikasının vətəndaşları da dünyanın bir çox ölkələrinə vizasız gedə bilsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki 7-ci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Adı çəkilən saziş iki ölkə arasında avtomobil nəqliyyatı ilə sərnişin, yük və tranzit daşımaları qarşılıqlı maraqlar və əməkdaşlıq əsasında tənzimləmək və təkmilləşdirmək məqsədilə 2017-ci il dekabrın 7-də Vyanada imzalanmışdır.  Sazişin əsas məqsədi sərnişinlərin və yüklərin bir ölkə ərazisində qeydiyyatdan keçmiş nəqliyyat vasitəsilə digər ölkənin ərazisindən daşınmasını təmin etməkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.40 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8, 9, 10, 11-ci məsələləri “Energetika  haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişiklik edilməsi barədədir. Valeh müəllim dördünü də məruzə eləsin, ayrı-ayrılıqda səsə qoyarıq. Buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 22 dekabr tarixli 1/882 saylı məktubu ilə bu dörd qanuna əlavə və dəyişikliklər edilməsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. Biz də bu qanun layihələrini komitədə müzakirə  etmişdik.
4 qanunda edilən dəyişiklik eynidir, eyni mətndir. Səbəb nədən ibarətdir? Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2017-ci il dekabrın 22-də Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmış və nizamnaməsi təsdiq edilmişdir.
Agentliyin nizamnaməsinin 3.2.12-ci bəndində nəzərdə tutulub ki, agentlik qanunda nəzərdə tutulmuş hallarda müvafiq sahədə fəaliyyət göstərən müəssisələrdən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Energetika Nazirliyinin müəyyən etdiyi qaydada və məbləğdə haqq alır. Yəni qaz, elektrik, istilik təchizatçıları müvafiq qaydada, burada göstərildiyi kimi, müvafiq haqq ödəməlidirlər.  Qeyd olunan nizamnamədə nəzərdə tutulmuş “qanunda nəzərdə tutulmuş halların” müvafiq qanunlarda təsbit olunması və uyğunlaşdırılması məqsədilə bu əlavələr və dəyişikliklər təklif edilmişdir.
Bu qanunlarda əlavə və dəyişikliklər nədən ibarətdir? Misal üçün, “Energetika haqqında” Qanunda yazılır: “Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hökuməti orqanı tərəfindən müəyyən edilir”. Eyni əlavə və dəyişiklik sadaladığımız o biri qanunlara da təklif edilib. Fikrimcə, səs verib qəbul edə bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Elmira Axundova.  
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlarım! Mənim qeydim 12-ci məsələyə – “Qaz təchizatı haqqında” Qanunadır. Bu qanunda dəyişiklik edilməsi barədə…
Sədrlik edən. Elmira xanım, üzr istəyirəm. Mən dedim ki, 8-9-10-11-ci məsələləri müzakirə edirik. 12-ci məsələni hələ məruzə eləməyiblər.
E.Axundova. Onda səsə qoyaq. Danışım, ya yox?
Sədrlik edən. Qanunu gərək məruzə eləsinlər ki, səsə qoyaq. Elə deyilmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, 8-ci məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 9-cu məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 10-cu məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.

Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti, 12-ci məsələ “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2018-ci il tarixli 1/23 saylı məktubu ilə Milli Məclisin müzakirəsinə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdim edilmişdir.
Qanun layihəsində təklif edilən dəyişiklik nədən ibarətdir? Bundan öncə qüvvədə olan qanunda müvafiq icra hakimiyyəti orqanına istinad edilirdi. İndi təklif olunur ki, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum. Səbəb də bundan ibarətdir ki, bu gün qüvvədə olan qanunda “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkib hissəsi olduğuna görə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Dövlət Neft Şirkətinə həvalə edilmişdi.
100 faiz dövlətə məxsus olsa da, Dövlət Neft Şirkəti (SOCAR) kommersiya fəaliyyəti ilə məşğul olduğu və onun hər hansı bir halda müvafiq icra hakimiyyəti orqanı kimi göstərilməsi ziddiyyət yaratdığı üçün qanuna müvafiq dəyişiklik təklif edilir. Müvafiq icra hakimiyyətinin yaratdığı qurum bu gün SOCAR və ya sabah başqa qurum ola bilər. Ona görə təklif olunur ki, “müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri yeni mətndə yazılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin işlənib hazırlanması zamanında və yerində atılmış addımdır. Yaxşı haldır ki, qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum kimi müvafiq icra hakimiyyəti orqanı yaradılır. Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır.
Binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qaz paylayıcılarının, qaz qurğularının yararlı və yararsız olub-olmamasına nəzarət edilməsi daha da gücləndirilməlidir. Çünki məsuliyyətsizlik nəticəsində neçə-neçə ailə, insanlar əziyyət çəkir, evlərini və ya həyatlarını itirirlər.
Belə bədbəxt hadisələr, təəssüflər olsun ki, hətta yeni inşa edilmiş binalarda da baş verir. Buna misal olaraq “28 may” metrostansiyası ilə üzbəüz dəmiryol vağzalı meydanında yerləşən yeni tikilidə qaz sızması nəticəsində baş verən partlayışı xatırlamaq olar. Bu zaman bir insan həyatını itirib, binaya böyük maddi ziyan dəyib. Ailələr hələ də evlərinə qayıda bilmirlər. Axı kim isə bu məsələyə görə məsuliyyətə cəlb olunmalıdır. Bizdə isə adətən belə hallarda müqəssirləri tapmaq çox çətindir. Hamı bir-birinin üstünə atır.
Qaz çəkilişi zamanı müvafiq qaydalara əməl etməyən şəxslər, sakinlərin özləri və ya çəkilişin müvafiq qaydaya uyğunluğu barədə rəy verən qurum məsuliyyət daşımalıdır. Əgər hər hansı nöqsan və ya qayda pozuntusu ucbatından bədbəxt hadisə baş verərsə, onda həmin qurum və ya bu qaydalara əməl etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb edilməli, cərimə verməli və daha ciddi cəzalar almalıdırlar. Ona görə hörmətli Valeh müəllim, düşünürəm ki, biz də bu istiqamətdə lazımi dəyişiklik və əlavələr edilməsinə çalışmalıyıq. Qanunun daha da sərtləşdirilməsinə, ən əsası isə belə hadisələrə görə məsuliyyət daşıyan qurumun aydınlaşdırılmasına çox böyük ehtiyac vardır. Xahiş edirəm, nəzərə alasınız. Bu qanun layihəsi, sözsüz, qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sizin özünüzün təklifiniz hazırdır, Elmira xanım, verə bilərsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılı şəkildə verin. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, təbii ki, qanun layihəsinə səs verəcəyəm, amma Ağcabədidən 10 min adamın göndərdiyi müraciəti şəxsən Sizə çatdırmaq istədim. Bu, qaz məsələsi ilə bağlı olduğuna görə yazıldım.
Ağcabədidə 135 min əhali yaşayır. Onun 125 mini çox qısa bir müddətdə qazla təmin olunub. Möhtərəm Prezidentimiz də Ağcabədidə ilk alovu yandırıb. Möhtərəm Prezidentimiz son çıxışında da dedi ki, ölkənin 95 faizi qazlaşdırılıb.
Nəyi diqqətinizə çatdırmaq istəyirəm. Ağcabədidə bir Bayat kəndi var. Bu kənd Dədə Qorqudun, Füzulinin, aşıq Vəlinin, Pənah xanın, İbrahim xanın, Natəvanın, Rəşid Behbudovun və digər şəxsiyyətlərin kəndidir. Yəni belə adamların adını çox çəkmək olar. Ən qədim kənddir. Qarabağ xanlığı da ilk dəfə bu kənddə qurulub, Qarabağın paytaxtı olub. Pənah xan 1748-ci ildə bu kəndi qurub, Qarabağ xanlığını elan edib.
Çox qəribədir, sağında və solunda, Ağdamın bütün kəndlərində, eləcə də Ağcabədinin bütün kəndlərində qaz var, amma Bayatda yoxdur. Bayat 5 para kənddən ibarətdir, hamısı da “Bayat” adlanır. Həmin kənddə neçə ildir qaz yoxdur. Müraciət də edirlər, çox təəssüf, Rövnəq müəllim burada yoxdur. O kəndin camaatı, o seçicilər mənə dedilər ki, onların müraciətini şəxsən Sizə çatdırım. Ümid edirlər ki, kömək edəcəksiniz. Həm Rövnəq müəllimin müdir olduğuna, həm də Sizin Milli Məclisin Sədri olduğunuza görə xahiş elədilər ki, bunu Sizə çatdırım. Xahiş edirəm ki, bizim 100 illik cümhuriyyət bayramımıza qədər kömək edəsiniz. O vaxta qədər çatdırmaq yəqin ki, mümkün olmaz. Yəni 100 illik cümhuriyyət bayramımız gəlir. Bununla əlaqədar o kəndlər qazlaşdırılsın. Təxminən 10 min əhalinin yaşadığı çox qədim bir kənddir. Təşəkkür edirəm, mənə söz verdiniz, xalqın fikrini Sizə çatdırdım.
Sədrlik edən. Sağ olun. Başqa fikir yoxdursa, xahiş edirəm, gündəliyin 12-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.53 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Təqdim olunan qanun layihəsində “Meliorasiya və irriqasiya haqqında” Qanunun 25-ci maddəsinin ikinci və üçüncü hissələrində “pullu” sözünün “ödənişli” sözü ilə əvəz edilməsi, 4-cü hissənin isə “sudan ödənişli istifadə qaydaları Azərbaycan Respublikasının Su Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq müəyyən edilir” redaksiyada verilməsi təklif olunur. Ancaq əvvəl qüvvədə olan redaksiyada “müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur” gedirdi.
Xatırlatmaq istəyirəm ki, Su Məcəlləsinin 97-ci maddəsinə əsasən məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan istifadə ödə-nişlidir. Bunda məqsəd su ehtiyatlarından  səmərəli istifadə olunması, su təminatına yönəldilmiş dövlət xərclərinin ödənilməsi, suyun dəqiq uçotunun aparılması və sairdir.
Eyni zamanda, bildirirəm ki, 2017-ci il iyunun 30-da Su Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən məcəllənin 97-ci maddəsində Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi təsbit olunmuşdu. Müzakirənizə təqdim olunmuş qanun layihəsi məhz “Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 30 iyun tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Hörmətli deputat həmkarlarımdan xahiş edirəm ki, bu qanunun lehinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
14-cü məsələ “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanunda edilən düzəliş bu qanunun Su Məcəlləsinə uyğunlaşdırılması məqsədini güdür. “Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə” adlanan 10-cu maddənin adında və maddənin 3 yerində “pullu” sözü “ödənişli” sözü ilə əvəz olunur.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.57 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti, 15-ci məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bildirmək istəyirəm ki, fiziki şəxslərin əmlak vergisi yerli vergilərə aid edilmişdir və bələdiyyələr tərəfindən toplanır. Bu isə vergitutma bazasını təşkil edən həmin binaların mülkiyyətçiləri və onların texniki göstəriciləri barədə məlumatların bələdiyyələr tərəfindən əldə olunmasını zəruri edir. Bu cür məlumatların əldə olunması yerli vergilərin düzgün müəyyən edilməsi və hesablanması üçün mühüm əhəmiyyətə malikdir. Qanun layihəsində nəzərdə tutulur ki, bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Kamran Bayramov.
K.Bayramov. Çox sağ olun, cənab Sədr. Həqiqətən, bu dəyişiklik bələdiyyələrin çoxdan gözlədiyi bir məsələ idi. Artıq cənab Prezidentin təşəbbüsü ilə bu məsələ reallaşır. Bu da bələdiyyə tərəfindən fiziki şəxslərə məxsus əmlak vergisi ilə bağlı olan problem idi.
Çox hallarda bələdiyyələr əmlak vergisini hesablayarkən müəyyən çətinliklərlə üzləşir, çünki mülkiyyətçinin mülkiyyətində olan əmlakın sahəsi məlum deyil. Hətta mülkiyyətçilər də bu məlumatları verməkdə imtina edirdilər. Lakin bu dəyişikliyə əsasən artıq Əmlak Məsələləri Dövlət Komitəsində çox dolğun bir məlumat bazası yaradılıb. Mülkiyyətçi haqqında, onun mülkiyyətində olan əmlak barədə geniş məlumatlar öz əksini tapıb və təbii ki, bələdiyyələrin bu cür məlumat bazasından istifadə etmələri əmlak vergisinin düzgün hesablanmasında və vətəndaşlardan bu verginin tutulmasında böyük rol oynayacaq.
Onu da qeyd edim ki, bu dəyişiklikdən hər iki tərəf – həm bələdiyyələr, həm də məlumat bazasının yaradıcısı olan Əmlak Məsələləri Dövlət Komitəsi udmuş olur. Çünki həmin bazanın saxlanması, müəyyən xərclərin ortaya çıxması məsələsi var. Bələdiyyələrin ödədiyi vəsait hesabına da bu məsələ öz həllini tapa bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.01 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
16-cı məsələ də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi sırf texniki xarakter daşıyır, bu qanuna və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırma məqsədi ilə hazırlanmışdır və “ipotekanın qeydiyyatı” sözlərinin adıçəkilən qanunlara uyğun olaraq “ipotekanın dövlət qeydiyyatı” sözləri ilə əvəz olunmasını nəzərdə tutur. Millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.02 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Qanun layihəsi sizə paylanıb. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi xidmətə çağırış işlərinin təşkilində, eyni zamanda, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında xidmətləri olan hərbi qulluqçular, mülki şəxslər və digər şəxslər təltif olunurlar. Bu əsasnamədə əsasnamənin layihəsi, eyni zamanda, medalın elementləri təsbit olunub, göstərilib. Ona görə hesab edirəm ki, həqiqətən, bizim vaxtilə orden və medallar haqqında qəbul etdiyimiz qanuna yeni əlavənin olması olduqca vacibdir, çünki hərbi vətənpərvərlik hazırda çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Müvafiq dövlət orqanının, müvafiq xidmətin işçilərinin, hərbi qulluqçularının, mülki şəxslərin bu medalla təltif olunması, hesab edirəm ki, çox vacib məsələlərdən biridir. Ona görə də sizi bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.04 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
2 məsələmiz qalıb. 18-ci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyursun Əli müəllim. 
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr.  İnzibati Xətalar Məcəlləsinə təqdim olunmuş dəyişiklik “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, həm Avropa Şurasının MONEYVAL təşkilatının tövsiyələrinə, həm də adı çəkilən qanunun müddəalarına görə yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirlər görməməyə və maliyyə monitorinqi orqanı aktivlərinin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyət daşıyırlar. İnzibati məsuliyyət var, sanksiya var, sadəcə, qeyd etdiyim kimi, dövlət qurumları, hüquqi və fiziki şəxslər də bura əlavə olunurlar. Sizdən bu sənədə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 17.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Bugünkü gündəliyin sonuncu, 19-cu məsələsi Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr,  dəyərli millət vəkilləri! 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında bir sıra hadisələrlə yadda qalacaq, unudulmaz günlərlə zəngin olacaqdır. Cümhuriyyətin 100 illiyinin beynəlxalq miqyasda təntənəli surətdə qeyd olunması Azərbaycanın Avro-Asiya dövlət quruculuğu salnaməsinə yazacağı yeni bir səhifə olacaqdır.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının VI qurultayında möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin 11 aprel tarixində keçiriləcək seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsi cəmiyyətdə ictimai-siyasi fəallığı xeyli artırmış, prezident-xalq birliyini qabarıq şəkildə yaddaşlarda təzələmişdir. Son illər ərzində sosial müdafiə sahəsində görülən genişmiqyaslı işlər bir daha göz önünə gəlmiş, onun həcmi və masştabının böyüklüyü bizi sevindirmişdir.
Hörmətli həmkarlarım, bildiyiniz kimi, qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun 25 il bundan öncə qəbul olunmuşdur.
2008-ci ildə biz Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulmuşuq. Qüvvədə olan Azərbaycan Respublikasının Qanunu qəbul olunduğu dövrdən uzun müddət keçməsi ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranmışdır. Zaman və mövcud reallıqlar yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu göstərdi və bunun üçün Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi BMT-nin, Avropanın beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində  son 4 ildə ərsəyə gəldi.
Layihənin konseptual baxımdan birinci oxunuşda müzakirəsini nəzərə alaraq, deputat həmkarlarımı bir sıra statistik məlumatlarla tanış etmək istərdim. Azərbaycanda fiziki qüsurlu insanların sayı bugünkü hesablamalara görə təxminən 620 min nəfər təşkil edir. Bu, ölkə əhalisinin 6 faizə qədəridir. Bu faizin dünyada 10-12 faiz civarında olmasını nəzərə alsaq, bizdə ölkə əhalisinin sayı son illər 1 milyon yarıma qədər artsa da, bu qrup insanların sayı, demək olar ki, dəyişməyib.  Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır.
Mən, cənab Sədr, eyni zamanda, Milli Məclisin bu istiqamətdə apardığı  məqsədyönlü fəaliyyəti də xüsusi vurğulamaq istəyirəm. Biz qabaqlayıcı bir sıra qanunlar qəbul etmişik ki, bu da əlilliyin qarşısının alınmasında çox mühüm rol oynayıb. Məhz sizə təqdim olunan hüquqi sənəd də bizim komitədə geniş ictimaiyyət nümayəndələrinin, onlarla əlil, qeyri-hökumət təşkilatının iştirakı ilə müzakirə edilmiş, onların rəy və təklifləri nəzərə alınmış və bütövlükdə layihə təqdir olunmuşdur.
Hörmətli millət vəkilləri, diqqətinizə təqdim olunan Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanun layihəsi çox vacib bir sferanı, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin fundamental prinsiplərini özündə ehtiva edən  bir hüquqi sənəddir.
Təqdim olunan qanun layihəsinin əsas mahiyyəti əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsini, hüquq və azadlıqlarının etibarlı qorunmasını, dövlət orqanlarının BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun fəaliyyət göstərməsini təmin etməkdən, habelə onların  sosial və digər təminatlarını tənzimləməkdən ibarətdir.
Qanun layihəsi 8 fəsil və 40 maddədən ibarətdir. Preambula, demək olar ki, sənədin mahiyyətini açıqlayır. I fəsil ümumi müddəaları nəzərdə tutur. Bu fəsildə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları və qanunvericiliklə bağlı digər müddəalar təsbit edilmişdir. 17 terminoloji və hüquq anlayışlar arasında “əlilliyə görə ayrı-seçkilik”, “ağlabatan uyğunlaşma”, “abilitasiya”, “universal dizayn” və “əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı” kim fikirlərin milli qanunvericilikdə ilk dəfə təsbit edilməsi bu gün burada  xüsusi qeyd edilməlidir.
Qüvvədə olan qanundan fərqli olaraq layihənin bu fəslində qanunun tətbiq ediləcəyi şəxslərin dairəsi, yəni Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dəqiq müəyyənləşdirilib.
I fəsil əlilliyi olan şəxslər barəsində dövlət siyasətini də özündə ehtiva edir. Bu fəsildə əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət, inklüziv inteqrasiya, bərabərlik, əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri müəyyənləşdirilir. Habelə əlilliklə bağlı məsələlərə dair dövlət təminatları və ictimai maarifləndirmə ayrı-ayrı maddələrdə açıqlanır. İctimai maarifləndirmə barədə normalar layihəyə cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini yüksəltmək, əlilliyi olan şəxslərin hüquq və fəaliyyətinə hörmət olunmasını möhkəmləndirmək, onların potensial imkan və qabiliyyətlərini təbliğ etmək məqsədi ilə daxil edilib.
II fəsil “Əlilliyi olan şəxslərin  reabilitasiyası, abilitasiyası və inkişafı” adlanır. Bu fəsildə uşaqlar arasında sağlamlıq üzrə profilaktik tədbirlər, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası,  abilitasiyası, tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı məqsədi ilə tərtib olunan fərdi reabilitasiya proqramı təsbit edilmişdir. Bu fəsildə dövlət fiziki qüsuruna görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, bu qrup insanların reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir.
Bu baxımdan layihəyə hər bir əlilliyi olan şəxsə münasibətdə fərdi reabilitasiya proqramının tərtib olunması və icrası ilə bağlı normalar daxil edilmişdir. Eyni zamanda, əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı vermək məqsədilə onların abilitasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Mən “abilitasiya”nı açıqlamıram, çünki bu, anlayışlarda var, siz bunu aydın görə bilərsiniz.
III fəsil “Əlilliyi olan şəxslər üçün müyəssərlik” adlanır. Bu fəsildə  müyəssərlik üçün şərait yaradılması, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, qüvvədə olan qanundan fərqli olaraq infrastruktur obyektlərinin və eyni zamanda, yaşayış binalarının, mədəniyyət, idman və digər sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi, dövlət nəzarətinin hüquqi əsasları və həyata keçirilməsi müəyyən olunmuşdur.
IV fəsil “Əlilliyi olan şəxslərin təhsili” adlanır. Qanun layihəsinin bu fəslində sağlamlıq imkanları məhdud uşaqların həm məktəbəqədər və məktəbdənkənar, həm də stasionar müəssisələrdə olduqları dövrdə təlim və tərbiyəsi maddələri bu xidmətin həyata keçirilməsi zamanı baş verə biləcək neqativ halların qarşısının alınmasına xidmət edir.
V fəsil “Əlilliyi olan şəxslərin məşğulluğu” adlanır. Fəslin bu adla getməsi bilavasitə bu sahə üzrə ümumi normaları özündə birləşdirən beynəlxalq sənədlərlə və onların yerli qanunvericiliyə implentasiyası ilə əlaqədardır. Bu fəsildə əlilliyi olan şəxslərin əmək hüquqlarının həyata keçirilməsi və onların məşğulluğunun  təmin edilməsi üçün mexanizmlər nəzərdə tutulmuşdur.
Layihədə diqqət yetirilməli müddəa “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi” adlanan 22-ci maddədir. Bu maddə ilə əlilliyi olan şəxslərin hüquqları və müvafiq olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatların, işəgötürənlərin vəzifələri müəyyən edilir. Yəni məşğulluq sahəsində əlilliyi olan şəxslərin bu qanunda sadalanan güzəştlərdən maksimum bəhrələnmək hüququ təmin edilir.
V fəsildə diqqət çəkən maddələrdən biri işəgötürənlərin istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində əlil olan şəxsləri işə düzəltmək vəzifəsinin təsbit edilməsidir.
“Əlilliyi olan şəxslərin sosial  müdafiəsi” adlanan VI fəsil bu sahədə  konstitusion hüquqları ehtiva edir. Belə ki, əlilliyi olan şəxslərin qənaətbəxş həyat səviyyəsi, sosial, tibbi və mənzil təminatı, onlara reabilitasiya vasitələrinin verilməsi və sosial xidmət göstərilməs bu fəslin əsas fabulasını təşkil edir.
Layihədə əlilliyi olan şəxslərin siyasi həyatda və ədalət mühakiməsində iştirakı ilə bağlı yeni VII fəsil nəzərdə tutulmuşdur. Burada onların siyasi və ictimai həyatda iştirakı, habelə ədalət mühakiməsində xidmətlərlə təminatı  təsbit edilir.
Sonuncu, “Yekun müddəalar” adlanan VIII fəsildə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, statistik məlumatların toplanması, bu sahədə beynəlxalq əməkdaşlıq və dövlət monitorinqi, habelə Qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.
Çox hörmətli həmkarlarım, hesab edirik ki, təqdim olunan layihə istər əlilliyi olan şəxslərin hüquqlarını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə yanaşı, onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və bu gün üçün mövcud olan boşluqları dolduracaq. Odur ki, xahiş edirəm, müzakirələrdə fəal iştirak edib qanun layihəsi ilə bağlı təklif, rəy və tənqidi qeydlərinizi səsləndirməklə bu hüquqi sənədin keyfiyyətinin daha da təkmilləşməsinə töhfələr verəsiniz. Diqqətinizə görə minnətdaram. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Hadi müəllim. Hörmətli həmkarlar, qanun layihəsinin müzakirəsinə başlayırıq. Müzakirəyə başlamazdan əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsinin bugünkü müzakirəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini hörmətli Natiq Məmmədov iştirak edir. Əgər sualınız olsa, ona da müraciət edə bilərsiniz.  Fazil Mustafa, buyurun.
F.Mustafa. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu bəlkə də Azərbaycanda ən çox insanı düşündürən və müəyyən problemlərin həlli üçün vacib olan qanunlardan biridir. Təbii ki, bu qanunun qəbul olunmasını tam mənada dəstəkləyirik, amma əlillik problemi ilə bağlı bir sıra prinsipial məsələlərin həllini nəzərdə tutan müddəaların bu qanun layihəsində yer almasını vacib hesab edirik.
İndi burada çox hörmətli Hadi müəllim xeyli müddəalar səsləndirdi və onlar əlillərin probleminin həllinə yönəlib, faydalı müddəalardır. Amma bir ifadə də işlətdi ki, əlilliyin artımı Azərbaycanda çox da müşahidə olunmur. Ona görə ki, görülən profilaktik tədbirlər nəticəsində say olduğu kimi az və ya çox dərəcədə stabil qalmaqdadır.  Halbuki 2 il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müəyyən dəyişiklik baş verəndən sonra özləri də etiraf etdilər ki, əvvəllər bu istiqamətdə bürokratik maneələrlə əlilliyin sayının artmasının qarşısı alınırdı. Yəni bu necə idi? İnkişaf etmiş ölkələrdə 13-15 faiz əlillik səviyyəsi nəzərdə tutulur və bunun hər hansı bir şəkildə  qarşısı alınmır, çünki bilinməli idi, əhalinin hansı kateqoriyası bu insan qruplarına aiddir. Bizdə isə, tutaq ki, 5 faiz artmırdısa, bu o demək idi ki, çox sayda əlillərin hüquqları tanınmırdı. Müxtəlif maneələrlə, bəhanələrlə buna imkan   verilmirdi. Amma son 2 ildə bu istiqamətdə xeyli düzəlişlər oldu və bu şikayətlərin əksəriyyəti də ortadan qalxdı. Çünki tibbi komissiyada rahatlıqla bu problemi həll etdilər. Ona görə də birinci növbədə əlilliyin tanınması istiqamətində müsbət addımların atıldığını qeyd etməyimiz vacibdir.
Bununla yanaşı, hesab edirəm ki, bu qanunda bir çox məsələlər imperativ xarakter daşımalıdır. Konseptual  müzakirə getdiyinə görə onu qeyd etmək istəyirəm. Məsələn,  tibbi müalicə ilə bağlı qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy tibbi xidmət növləri istisna olmaqla qalan hallarda əlillərin müalicəsi pulsuzdur. Məncə, burada əlil uşaqların müalicəsinin bütün müəssisələrdə pulsuz olması məsələsi burada dəqiq, imperativ şəkildə göstərilməlidir. Bədən tərbiyəsi, idman qurğularında əlillərin idmanla məşğul olması, müəyyən prosesə cəlb olunması üçün stimullaşdırıcı addımların atılmasında da bu vacibdir. Təhsil məsələsində olduqca vacibdir. İctimai nəqliyyat məsələsində bu çox önəmli məsələdir.
Mən bayaq da qeyd etdim, vaxtilə Azərbaycanda ictimai nəqliyyatın alternativ növlərinin ləğv edilməsi bu gün Bakı şəhərinin tamamilə kütləvi şəkildə minik avtomobilləri ilə dolmasına səbəb oldu və artıq hərəkət etmək mümkün deyil. Təsəvvür edin ki, metro tikintisi də kifayət qədər ləng səviyyədə gedir. Son vaxtlar kifayət qədər vəsaitin ayrılmadığı hiss olunur, açıqlama da vermirlər. Məsələn, mənim millət vəkili olduğum Bakıxanov qəsəbəsində uzun illərdir metro stansiyasının açılması məsələsi gündəmə gətirilirdi. Bundan əvvəlki illər açılacaqdı, hələ də bu, yekunlaşmadı. Metro tikintisinin ləngiməsi 2 il, 3 il sonra Azərbaycanda böyük problemlər yaradacaq. Bunun da ən çox əziyyətini əlillər çəkəcək. Mən niyə bu məsələni diqqətə çəkdim? Mənfəətlə işləmək baxımından alternativ nəqliyyat vasitələrinin olması əlillərin bilavasitə problemin həllində ən yaxın köməkçisi ola bilər.
Baxın, Daşkənd metrosu eyni vaxtda 62 min adam  götürmək gücünə sahibdir və o, 2017-ci ili mənfəətlə tamamladı. Amma bizdə hələlik mənfəətdən söhbət gedə bilmir. Deyirik ki, xərclər azdır. Özbəkistanda bütün pensiyaçılar metro nəqliyyatından pulsuz istifadə edirlər. Yəni bu o deməkdir ki, bizdə əlillərə də bu imtiyazı verməmişik və əlillərin ora daxil olmaq imkanları belə yoxdur. Avropa ölkələrində adi tramvaylarda xüsusi qurğular yaradılır. Bizdə “BakuBus”-da da bunu etdilər, müsbət bir addım idi. Amma əksər nəqliyyat vasitələrində, rayona işləyən nəqliyyat vasitələrində əlillərin avtobusa minməsi üçün hər hansı bir şərait yoxdur.
Yaxud da Avropada tramvaya xüsus qurğular quraşdırıblar və əlilləri istənilən vəziyyətdə o qurğular vasitəsi ilə rahatlıqla, əziyyətsiz ora daxil edə bilirlər. Əlilin metroya daxil olması ciddi bir problemdir. Müəssisələrin bir qismində bu yaradılıb, imkanlar var, amma böyük əksəriyyətində yoxdur.
Son vaxtlarda piyada keçidləri yaradıldı. Mərkəzi demirəm, orada turistlərin və başqalarının müəyyən iradı ilə qarşılaşmamaq üçün bu həll olundu. Amma Sabunçu dairəsində, başqa yerlərdə olan piyada keçidlərinə baxın. 3 qat, 4 qat pilləkəndir və orada əlil yolun bu tərəfindən o biri tərəfinə keçə bilmir. Yolun da ortasına xüsusi betonlar döşənibdir. O yolu əlil hansı formada keçə bilər?
Bir də, qanunda əlillərə baxıcılıq məsələsinə diqqət yetirmək lazımdır. Azərbaycanda xeyli əlil var ki, ev şəraitindən kənara çıxa bilmirlər və kiminsə himayəsində də deyillər. Ayrı-ayrı vicdanlı, xeyirxah insanların himayəsi ilə onlar baxıcı ilə təmin olunurlar. Bu baxımdan, Hadi müəllim, mən hesab edirəm ki, baxıcılıq məsələsinin stimullaşdırılmasına böyük ehtiyac var və bu məsələ olmalıdır.
Bir də, surdotərcüməçilər məsələsi vacibdir. Televiziyalarda baxın. Büdcədən maliyyələşən və əslində, çox vaxt heç bu maliyyələşməyə layiq verilişlər hazırlaya bilməyən AzTV və İctimai TV-də gözdən əlillər və eşitmə qabiliyyəti məhdud insanların hər hansı bir şəkildə xəbərləri anlaması üçün surdotərcüməçilər təmin olunmurlar. Halbuki buna görə vəsait, ayrıca pul ayrılır. Ona görə bu məsələləri qanunda imperativ xarakterli qoymaq lazımdır ki, heç olmasa, əlillər elementar hüquqlarının həyata keçirilməsinə imkan əldə etsinlər. Biz, ola bilsin ki, konvensiyalara imza atacağıq, ola bilsin ki, bu cür qanunlar qəbul edəcəyik. Amma bu olmadıqca əlillərin bu təminatı mümkün olmayacaq.
Əlil uşaqlar üçün fond yaradılmalıdır. Ağır, xüsusilə də xaricdə müalicəsi olan xəstəliklər üçün. Çünki burada qeyd olunub ki, ancaq ölkə daxilində olan xəstəliklərin pulsuz müalicəsi nəzərdə tutulur. Amma elə xəstəliklər var ki, burada onun müalicəsi yoxdur. Əvvəllər sovet dövründə pioner düşərgələri var idi. Son vaxtlar pansionatlar, başqa yerlər var idi, Krıma, başqa yerə göndərirdilər. Bu alternativlər artıq azalmaqdadır. Çox sayda uşaq bu imkandan istifadə edə bilmir. Sanatoriya müalicəsindən istifadə edə bilmirlər. Bunu təmin etmək lazımdır ki, heç olmasa, bu çətinlikləri ortadan qaldırmaq mümkün olsun.
Ümumiyyətlə, mən bu qanunu çox müsbət bir addım hesab edirəm. Bunu zənginləşdirmək lazımdır. Bir az əlillərin işini asanlaşdıran və cəmiyyətin də bu məsələyə həssaslığını artıran maddələrin yer alması ümumi işimizin xeyrinə olar.
Bir də, dilində dəyişiklik etmək lazımdır. Hadi müəllim, burada “müyəssərlik” yazmısınız. “Müyəssər” nədir? Filan məsələ mənə müyəssər olmadı. Elə uyğunluq kimi, yaxud Azərbaycan türkcəsində olan müəyyən bir ifadəni tapıb vermək olar. Bu tez-tez təkrarlandığı və uğurlu ifadə olmadığı üçün diqqətinizə çatdırıram. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Siz həmişə düzgün çıxış edirsiniz. Ancaq hər dəfə biz deyirik ki, birinci oxunuşdur, xahiş edirik, konseptual yanaşaq. Ancaq biz elə birinci, ikinci oxunuşu dalbadal deyirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də onu demək istəyirəm. 5 nəfər həmkarımız qalıb, 30 dəqiqə vaxtımız var. 5 dəqiqəyə keçək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tahir Rzayev.
T.Rzayev. Sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlarım! Dövlət başçısı tərəfindən Milli Məclisə daxil olmuş bu qanun layihəsi bilavasitə cənab Prezidentin humanizminin nümunəsi, eləcə də əlilliyi olan şəxslərə qayğı və diqqətinin ifadəsi kimi qiymətləndirilir. Bu bir həqiqətdir ki, son illər əlil olan şəxslərə dövlət təminatı xeyli yaxşılaşdırılıb. Onların sağlam həyat tərzinin təmin edilməsi, təlim-tərbiyəsi, təhsili, peşə hazırlığı diqqət mərkəzində saxlanılıb. Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində müəyyən tədbirlər həyata keçirilib və keçirilir. Onların mənzil, iş şəraiti xeyli yaxşılaşdırılıb. Əlillərə göstərilən tibbi xidmətin səviyyəsi də yüksəldilib. Müvafiq orqanların, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədəki xidmətləri təqdir olunmalıdır.
Qəbul edəcəyimiz qanun layihəsi bundan sonra əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun qorunması, bir çox vacib məsələlərin həlli üçün yeni imkanlar açacaq. Qanun layihəsi hərtərəflidir, yaxşı hazırlanıb və əlillərin hüquqları ilə əlaqədar çox vacib məsələləri özündə əks etdirir. Bilavasitə fiziki cəhətdən zəif, sağlamlıq imkanları məhdud olan insanlara dövlətin qayğısının əyani ifadəsi kimi dəyərlidir. Layihədə “Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri” müddəasında göstərilən fikirlər bir daha deməyə əsas verir ki, bu qanun layihəsi ali məqsədlərə xidmət edir və əlillərin hüquqlarının hərtərəfli təmin olunmasına təminat verəcək. Bu qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və mən onun lehinə səs verəcəyəm.
Mən burada əlilliyin müəyyən edilməsi ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Əlbəttə, bu sahədə müəyyən çətinliklər, uğursuzluqlar var və bu, insanları çox ciddi narahat edir. Bilirsiniz, əlilliyi olan bir şəxs əlilliyin müəyyən olunması üçün bir çox mərhələlər keçməli olur. Bu gün Azərbaycanda çox böyük tibbi xidmət göstərən xəstəxanalar, diaqnostik mərkəzlər yaradılıb. Lakin təəssüflər olsun ki, müəyyən xəstələr rəy almaqdan ötrü dəfələrlə şəhərə, mərkəzə gəlməli olurlar. Mərkəzdən də bir çox hallarda geri qaytarılırlar.
Digər tərəfdən, bu əlilliyin müəyyən edilməsi vaxtı ildən-ilə müəyyən qaydada uzadılır. 6 ay, 8 ay uzadılır ki, bu da insanların müəyyən narazılığına səbəb olur. Ən başlıca cəhətlərdən birini deyim. Bu xəstələr müəyyən mərhələlərdən, komissiyalardan keçirlər. Sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sisteminə yerləşdiriləndən sonra görürsən ki, hansı səbəbdənsə bu adamların xəstəlikləri ləğv olundu. Özü də bir-iki deyil. Bunlar necə ləğv olunur? Buna səlahiyyətli komissiyalar rəy veriblər. Kimlər tərəfindən ləğv olunması məsələsi araşdırılmamış qalır.
Digər tərəfdən, mən əlilliyin müəyyən olunması ilə əlaqədar rayonlara ayrılan limitin əleyhinəyəm. Elə bilirəm ki, limitin tətbiq edilməsi düzgün deyil. Hansı isə rayonda bir ayda 70 və yaxud 50 əlillik müəyyən olunmalıdır. Əlbəttə, bu düzgün hal hesab edilmir. Elə rayon ola bilər ki, orada əlillər az olsun, elə rayon da ola bilər ki, fərqli olsun. Belə olanda müəyyən uyğunsuzluqlar olur və insanlar narazı qalırlar. Ümumiyyətlə, bu, çox əhəmiyyətli bir qanun layihəsidir, fiziki cəhətdən imkansız adamların mənafeyinə xidmət edir. Mən bu qanunun lehinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm, cənab Sədr. Mən, əslində, bu layihə barədə çıxış etməyəcəkdim. Sadəcə, Hadi müəllimin çıxışından sonra öz sevincimi bölüşmək üçün çıxış etmək qərarını aldım. Şəxsən mənə seçicilərim adından müraciət olunarkən ən çox təsadüf etdiyim, ən çox gördüyüm məsələlərdən biri məhz bu əlillərin hüququ ilə bağlıdır. Şəxsən mənim bu sahədə ümumi düşüncəm bundan ibarətdir ki, biz bu hüquqların müdafiəsindən ilk öncə əlilliyin təyini ilə bağlı məsələlərə xüsusi diqqət etməliyik. Bu sahədə səhlənkarlıq edən dırnaqarası mütəxəssislərə ən sərt cəzaları vermək lazımdır ki, əsl əlilə əlillik dərəcəsi verməyib, əlil olmayan insana saxta əlillik vəsiqəsi verir.
Şəxsən mən Səlim Müslümov nazir təyin olunana qədər bu məsələlərdə heç bir irəliləyiş görmürdüm. Amma cənab nazirin təyinatından sonra bu məsələlərlə xüsusi, çox ağır bir şəkildə, hətta deyərdim ki, müsbət mənada aqressiv şəkildə mübarizə başladı. Bu çox xoş haldır, çünki elə ailə var idi ki, onun 5 üzvünün 5-i də əlil idi. İnsan, həqiqətən, təəccüb edir.
Bu gün konseptual mərhələdir və cənab Sədr, sizin hər birinizdən çox-çox üzr istəyərək, 30 saniyəlik kontekstdən çıxmaq istəyirəm. Bilirsiniz, bu əlilliyi, əslində, bu gün kateqoriyaya bölsək, əsas 3 kateqoriyadır. Birincisi, əlil olmayıb əlil adını daşıyanlar. Belələrinin müdafiəsini gücləndirsək, elə bil, onların saxta əlilliyinə bir az da əlavə təminat vermiş ola bilərik. Madam prezident seçkiləri öncəsidir, misal üçün deyim ki, xatırlayırsınızsa, bundan öncəki seçkilərdə özünü müxalifət adlandıran, əslində isə radikal olan bir nəfəri Yeni Azərbaycan Partiyasının funksioneri çox sərt şəkildə, açıq faktla ifşa etmişdi. Hansı ki birinci qrup əlillik almışdı, amma prezident seçkilərində namizədliyini vermişdi. Bax belələri ilə mübarizə aparmaq lazımdır.
İkinci qrup barədə burada qeyd olundu. Hadi müəllim də dedi ki, qeydiyyata düşənlər azalır. Mən həmişə səhiyyəni ən sərt tənqid edənlərdən biri olmuşam. Amma bu gün etiraf edirəm ki, Azərbaycan səhiyyəsi artıq çox sürətlə inkişaf edir. Hətta mən deyərdim ki, son 20 ilin zirvə mərhələsinə adlayıb. Bu öz yerində, amma insanların çoxu, böyük bir hissəsi məhz bu qeydiyyatdan keçmir. Fazil müəllim də bunu qeyd etdi. Sanki bir kompleksləri var. Məsələn, mən bilmirəm, Azərbaycanda şəkərli diabetlə bağlı nə qədər rəsmi hesablama var. Amma bu gün özümüz bilirik ki, kimdən soruşursan, az qala 10 nəfərdən 6-da şəkər xəstəliyi var. Bu faktdır, insanlar sanki bu kompleksə girirlər, istəmirlər kimsə onların xəstəliyini bilsin. Eyni zamanda, vərəm xəstəliyi, digər xəstəliklərlə bağlı belədir. Yəni bu rəsmi statistikaya biz çox aldanmayaq. Ona qalsa, bu məntiqlə sonuncu dəfə Azərbaycanda quduzluq xəstəliyi 1956-cı ildə təsdiq olunub. Bu da başqa bir faktordur.
Nəhayət, üçüncü, əsl əlillərdir ki, bax biz onları qorumalıyıq. Keçən dəfə mənim yanıma bir nəfər gəlib, ayağının yarısı yoxdur. Deyir ki, məni 6 aydan bir göndərirlər ki, get, təzədən müayinədən keç. Həkimə zəng edib soruşuram ki, 6 aydan sonra ayağı çıxacaq, yoxsa necə olacaq? Niyə bunu ora-bura qovursan? Bu yazıqdır axı, onsuz da həyatı düz gətirməyib. Digər bir insan gəlib, barmaqları yoxdur. Deyir ki, mənə ancaq deyirlər ki, get reabilitasiyaya, sənə əlillik düşmür. Reabilitasiya bu qanunda da qeyd olunub, amma lazım olan yerə göndərmək lazımdır. Bunların dərəcəsini verin. Dövlətin, müxtəlif məmurların adını hallandırırlar ki, belə olmaz, elə olmaz.
Mən bu məsələdə bir az kənara çıxdım, yenə də çox üzr istəyirəm. Amma mənim düşüncəm bundan ibarətdir ki, biz əsl əlillərin hüquqlarını qorumalıyıq və xüsusən onların iş məsələsi ilə biz məşğul olmalıyıq. Həqiqətən, onlar çox həssas bir qrupun nümayəndələridir. Ümumiyyətlə, əmək birjalarından tutmuş bütün iş təyinatlarına qədər ilk öncə onlar nəzərə alınmalıdır. Müsbət qarşılayıram, alqışlayıram və lehinə səs verəcəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ölkənin daha güclü inkişafına, cəmiyyətin daha sürətli tərəqqisinə hesablanan, ümumilikdə hər bir vətəndaşa daha yaxşı həyat şəraitinin təmininə xidmət edən bütün addımlar, təşəbbüslər, layihələr, əlbəttə ki, təqdirəlayiqdir. Müzakirə etməkdə olduğumuz Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun da həmin təqdiredici layihələrdən, addımlardan biridir.
Ölkəmiz və müvafiq olaraq cəmiyyətimiz durmadan inkişaf edir. Təbii ki, həyatımızda irəliyə doğru baş verən bütün vacib dəyişikliklərdən doğan amillərin qanunlarda əks etdirilməsinə, eyni zamanda, yaranan boşluqların və həllini gözləyən  problemlərin də qanunlarla tənzimlənməsinə və mövcud olan qanunların daha da təkmilləşdirilməsinə zaman-zaman ehtiyac yaranır.
Müzakirəmizə təqdim olunan qanun layihəsinin ehtiva etdiyi sahə üzrə qanun ilk dəfə bundan 26 il əvvəl qəbul edilib və əlbəttə ki, bu illər ərzində bir çox cəhətlərdən aşınmaya məruz qalmışdır. Elə buna görə də yeni qanunun gündəmə gəlməsini şərtləndirmişdir. Təqdim olunan layihənin başlıca məqsədi əhalinin  xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin, əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsindən və son nəticədə onların cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.
Qanun layihəsini daha əvvəlki qanundan müsbət mənada fərqləndirən bir neçə qeydimizi səsləndirmək istəyərdim. Layihəyə əlilliklə bağlı məsələlərə dair cəmiyyətin ümumi maariflənmə səviyyəsini yüksəltmək, əlilliyi olan şəxslərin hüquq və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək, onların potensial imkan və qabiliyyətlərini təbliğ etmək məqsədi ilə ictimai maarifləndirmə barədə normalar daxil edilmişdir. Əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı vermək məqsədi ilə onların müstəqil yaşamaq imkanlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması, onların digərləri ilə bərabər səviyyədə fiziki, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün uyğunlaşma müddəalarına geniş yer verilib. Qüvvədə olan qanundan fərqli olaraq infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə əlçatan, uyğun olmasına dövlət nəzarətinin həyata keçirilməsi müəyyən olunub.
Əlilliyi olan şəxslərin siyasi həyatda və ədalət mühakiməsində iştirakı ilə bağlı yeni fəsil də bu qanunda nəzərdə tutulmuşdur. Bir daha qeyd edirəm ki, bütün bunlar təqdiredicidir və mən qanuna səs verəcəyəm.
Layihə bu gün birinci oxunuşda konseptual baxımdan müzakirə edildiyi üçün ayrı-ayrı maddələr üzrə təkliflərimizi geniş şəkildə səsləndirmirik. Lakin fikrimizcə, bəzi müddəalar var ki, ikinci oxunuşa qədər düzəldilməsinə ehtiyac yaranıb və həmin müddəalarla bağlı iradlarımızı ümumiləşmiş şəkildə qeyd etmək istəyərdik.
Qanunda qənaətbəxş həyat səviyyəsindən bəhs edilir. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşına layiqli həyat səviyyəsi nəzərdə tutur. Bu gün biz əlillərin cəmiyyətdən təcrid olunmasından deyil, tam əksinə, inteqrasiya edilməsindən danışırıqsa, o zaman “qənaətbəxş” ifadəsinin də müvafiq olaraq “layiqli həyat səviyyəsi” ifadəsi ilə dəyişdirilməsi daha məqsədəuyğundur. Əlillərə sosial xidmət göstərilməsini nəzərdə tutan maddə daha da təkmilləşdirilə bilər. Belə ki, həmin maddə bu qəbildən olan insanların gündəlik həyat şərtlərinin asanlaşdırılmasına, onlara keyfiyyətli həyatın təmin edilməsinə birbaşa xidmət edir.
Digər iki iradımız terminologiya ilə bağlıdır. Qanunda “əmək qabiliyyətinin qaytarılması” ifadəsinin “həyat qabiliyyətinin bərpası” şəklində yazılması daha məqsədəuyğun olardı. Qanunun bir neçə maddəsində yer alan “müyəssərlik” ifadəsi haqqında da danışmaq istəyərdim. Bəzən bu ifadə yerinə düşmür və onun əvəzinə “əlçatan”, “məqbul”, “uyğun” və sair ifadələrdən birinin işlənməsi daha yaxşı olar. Nəhayət, layihəyə fərdi reabilitasiya proqramının məzmunu barədə, eləcə də, əlillik dərəcələri ilə bağlı maddələri...
Sədrlik edən. Çox sağ olun, Jalə xanım. Bir məsləhət kimi deyim. İrad yox, birinci oxunuşdur, təklif də demək olar. Həmişə irad bildirməyək, təkliflərimizi bildirək, sonra baxsınlar. Razısınızmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, bu gün çox önəmli bir qanun layihəsini müzakirə edirik. Çünki söhbət əhalimizin təxminən 5 faizindən çox hissəsini əhatə edən və sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqədən gedir. Onların hüquqlarının daha yaxşı müdafiəsi istiqamətində cənab Prezidentin rəhbərliyi altında görülən işlər daha da sürətlənməkdədir.
Mən bu layihəni konseptual olaraq dəstəkləyərək bəzi məsələlərlə bağlı fikirlərimi söyləyəcəyəm və onların diqqətə alınmasını xahiş edəcəyəm.
Əlillərlə bağlı ən vacib məsələlərdən biri onların təhsil hüquqları ilə bağlıdır. Çünki əlillərin istər ali, istər peşə təhsili ala bilməsi imkanlarının genişləndirilməsi onların həyatlarının xilasının ən vacib məsələlərindən biridir. Etiraf etməliyik ki, əlillər ümumi imtahan sistemi vasitəsilə  imtahan verir və bəzən sağlam insanlar qədər bal toplaya bilmirlər. Həm də nəzərə alsaq ki, dövlət ali təhsil müəssisələrinin yarısı pulludur, onlar pullu təhsilə düşürlər. Bir çoxları o vəsaiti ödəməkdə çətinlik çəkirlər. Yaxşı olar ki, əlillərimiz dövlət universitetlərini qazanırlarsa, onların pulsuz ali təhsil ala bilməsi imkanlarını nəzərdən keçirək. Bu, əlillərin təhsilə cəlb edilməsi istiqamətində çox önəmli bir stimul ola bilər.
Digər bir əsas məsələ isə əlillərin işlə təminatı ilə bağlıdır. Hörmətli Natiq müəllim, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri buradadırlar, əslində, sənəddə buna bir az daha konkret yer verilməsi lazımdır. Çünki bununla bağlı daha öncəki qanunvericiliklərdə məsələlər konkret öz həllini tapsa da, ən ciddi məsələlərdən biri bundan ibarət idi ki, kvotalar yerinə yetirilmirdi. Bu ən ciddi problemlərdən biri idi. Bəlkə bu kvota-arın yerinə yetirilməsinə və bu istiqamətdə qurumların üzərinə düşən vəzifələrə və sairə daha çox diqqəti artıraq. Çünki əmək hüquqları, işlə təminat hüquqlarında  ən böyük sıxıntılar bu sahədə idi. Qanunu da  oxudum və hesab edirəm ki, burada bəzi məsələləri daha ciddi şəkildə qoymaq əlillərin işlə təminatında vacibdir.
Digər bir məsələ də burada vurğulandı, mən maddə-maddə müzakirə olunanda bunu söyləyəcəyəm, amma qısa olaraq demək istəyirəm. Nəqliyyat vasitələrində ciddi sıxıntılarımız var. Fazil müəllim də söylədi, ümumiyyətlə, əlillərin nəqliyyatdan istifadəsində problemlər var. Bu təklifi niyə vermək istəyirəm? Qanunda gedir ki, müvafiq icra hakimiyyəti orqanları bu  müəssisələrdə əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırırlar. “Ağlabatan uyğunlaşdırılma” ifadəsi, ümumiyyətlə, doğru yanaşma deyil. Hər müəssisə, hər nəqliyyat vasitəsinə sahiblik edən şəxs ağlına necə gəlirsə, bunu uyğunlaşdıra bilməz axı. Bunun bir standartı var. Hörmətli Sədr də söylədi ki, maddə-maddə baxarıq. Məncə, 14-cü maddəyə baxmaq lazımdır, “ağlabatan uyğunlaşdırır” ifadəsi doğru deyil. Bu yanaşma konkretləşməlidir və standartlardan çıxış eləməliyik.
Bir də, ən vacib məsələ məlumat almaq hüququ ilə bağlıdır. Bu məsələ konseptual olaraq yoxdur, ona toxunulmur. Maarifləndirmə hüquqları ilə bağlı məsələlər var, amma məlumat almaqda sıxıntılar var. Məsələn, eşitmə əngəlliyi olan insanların ən çox müraciətləri nə ilə bağlıdır? Onların, demək olar ki, hüquqları var, amma istifadə edə bilmirlər. Onların dövlət büdcəsindən maliyyələşən televiziyalardan məlumat alması üçün belə heç bir imkan yaradılmır. Əlilliyi olan bir qrup insan var ki, bundan tamamilə məhrumdurlar. Ona görə məlumat alma hüququ ilə bağlı məsələyə diqqət edilməlidir. Burada Qarabağ müharibəsi əlilləri ilə bağlı bəzi məsələ...
Sədrlik edən. Hikmət Məmmədov, buyurun.
H.Məmmədov. Hörmətli millət vəkilləri, qanun layihəsi, doğrudan da, gözəl hazırlanıb, əlillər, sağlamlıq imkanları məhdud olan vətəndaşlarımız üçün yaxşı hüquqi təminat yaradacaq. Dövlət siyasətinin prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı maddələrin birində belə bir söz var, “inklüzivlik”. Bu, cəmiyyətin maddi və mənəvi sərvətlərinə bütün vətəndaşların əlçatanlığının təmin olunması deməkdir. Amma bəzən bizim əlillərimiz bunu edə bilmirlər. Ona görə ki, valideynlərin hər ikisi əlildir, övladları universitetdə təhsil almaq hüququ qazansa da, ödəniş edə bilmədiklərinə görə bu hüquqdan məhrum olurlar.
Burada dövlət prinsipi kimi müəyyənləşdirilən “inklüzivlik” pozulur. Mümkündürsə, nəzərə alaq ki, valideynlərinin hər ikisi əlil olan vətəndaşlarımıza ya dövlət hesabına, ya da ali təhsil müəssisələrinin öz büdcələri hesabına təhsil haqqında güzəştə gedilsin. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İndi sözü əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədova verək. Xahiş edirəm, qısaca məlumat verin, ikinci oxunuşda yəqin sözünüz çox olacaq.
N.Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bu qanun layihəsi artıq 4 ilə yaxındır hazırlanır. Bütün mərkəzi icra hakimiyyəti orqanları ilə, eyni zamanda, beynəlxalq təşkilatlarla, BMT-nin Əlillərin hüquqları üzrə komitəsi ilə razılaşdırılıb Nazirlər Kabinetinə təqdim olunandan sonra geniş müzakirələr aparıldı. Qanun layihəsi Prezident Administrasiyasında da müvafiq müzakirələr aparıldıqdan sonra Milli Məclisə təqdim edilib. Mən vaxt almaq istəmirəm, sadəcə, burada hörmətli millət vəkillərinin söylədikləri məsələlərə aydınlıq gətirmək istəyirəm.
Burada qeyd olundu ki, əlilliyin müəyyən edilməsində bir çox mərhələlərdən keçirlər, müddətlər, limitlər tətbiq olunur. Belə şeylər artıq aradan qaldırılıb. 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə əlilliyin müəyyən edilməsinə dair meyarlar təsdiq edilib və heç bir limit də yoxdur. Müddətlər də aradan qaldırılıb. I qrup əlillərə ömürlük, birbaşa əlillik təyin edilir, II qrup əlillərə 10 il ərzində 5 ildən bir  əlillik müəyyən edilir və avtomat-laşdırılmış qaydada uzadılır. III qrup əlillərə isə 15 ilə 5 ildən bir avtomatlaşdırılmış qaydada artırılır.
Əlilliyin müəyyən edilməsində artıq avtomatlaşdırılmış informasiya sisteminə keçmişik. Bilirsiniz ki, bir neçə il bundan öncə bu sahədə neqativ hallara yol verilirdi. Artıq insanlarla tibbi-sosial ekspert komissiyaları arasında təmas tam aradan qaldırılıb və hesab edirəm ki, bu,  nəticə etibarilə vətəndaş məmnunluğuna gətirib çıxarıb. Dövlət səhiyyə müəssisələrindən göndəriş əsasında həmin vətəndaş heç bir tibbi-sosial ekspert komissiyasına müraciət etmir. Onun diaqnozu, xəstəliyin tarixi, gedişatı haqqında sənəd kodlaşdırılır və tibbi-sosial ekspert komissiyası bu sənədə əsasən vətəndaşın əlilliyini müəyyən edir. Əlbəttə ki, 2017-ci ildə biz əlilliyin 18 min aşağı düşməsinə, ilkin əlilliyin 30 faiz azaldılmasına nail olduq. Bu da, şübhəsiz ki, həm reabilitasiya tədbirlərinin, həm də məsələyə daha ciddi yanaşmanın nəticəsidir.
Burada sosial xidmət, sanatoriya müalicəsi haqqında söylədilər. Bəli, biz xarici ölkələrə göndərirdik. Artıq Azərbaycanda 15 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Onların 50 faizindən çoxunda müasir texnologiyalarla, ən müasir metodologiya ilə müalicə tədbirləri həyata keçirilir. Bu ilin axırına qədər Yevlax, Naftalan, Sumqayıt və Mərdəkanda müalicə pansionatları istifadəyə veriləcəkdir.
Jalə xanım burada “qənaətbəxş həyat tərzi” ifadəsini qeyd etdi. Biz komitədə bu məsələni müzakirə etdik. Artıq qanun layihəsində “layiqli həyat tərzi” ifadəsi qeyd olunubdur.
Kvotalara gəldikdə, hörmətli Qənirə xanım, “Məşğulluq haqqında” Qanun var, orada əlillər üçün kvotalar müəyyən edilibdir. İşçilərin sayından asılı olaraq 3 faizdən çox kvota müəyyən edilib. Mən düşünürəm ki, bu kvotaları qanun layihəsinə salmağa ehtiyac yoxdur. Sadəcə olaraq, biz “Məşğulluq haqqında” Qanuna istinad edirik.
16-cı maddədə idman tədbirləri və idman infrastrukturundan istifadə etmə məsələsi qeyd olunubdur. Burada konkret olaraq “güzəştli, pulsuz şərtlərlə istifadə edirlər” ifadəsi yazılıbdır. 2002-ci ildən isə nəqliyyatdan istifadədə “pulsuz” sözü götürülüb və bu, müavinətlərlə əvəz edilibdir. Ona görə də mən düşünürəm ki, bu ifadəni bura yazmaq düzgün deyil.
“Ağlabatan uyğunlaşdırılma” məsələsi. Biz Dövlət Tərcümə Mərkəzində  konvensiya tərcümə etmişdik. Orada qeyd olunub ki, “reasonable accommodation”, yəni “ağlabatan uyğunlaşma”. Bunun tərcüməsi budur. Başqa ifadə, təklif varsa, deyin, onu biz qanun layihəsinə salaq.
Əlilliyin sayının artmasına gəldikdə isə deyirəm ki, bəli, bu gün Azərbaycanda 620 minə yaxın əlil var. Onların sosial müdafiəsi təmin olunur. Bu gün bizim peşə reabilitasiya mərkəzlərimiz fəaliyyət göstərir, əlillərin yeni peşələrə yiyələnməsi məsələsi ortaya qoyulub. Mən düşünürəm, bu, ən vacib məsələlərdən biridir. Dünya Səhiyyə Təşkilatının rəsmi statistikasına əsasən, əlilliyin sayı  faiz etibarilə 15-dir. Azərbaycan bu sırada deyil və 6,1 faiz əlilimiz var. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsinə birinci oxunuşda  münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 17.56 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi birinci oxunuşda qəbul olundu. İclasımız sona çatdı. Sağ olun.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU