23.02.2018 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ
PROTOKOLU № 58
Milli Məclisin iclas salonu.
23 fevral 2018-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 96
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Qoşqar Təhməzli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri.
* * *
Niyazi Rəhimov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini.
Namiq Tağıyev, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma İnstitutunun direktoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Standartlaşdırma haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Texniki tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Şahin İsmayılov, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Elman Nəsirov, Əli Hüseynli
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Fazil Mustafa
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, İsa Həbibbəyli, Fazil Mustafa, Qənirə Paşayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
4. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
5. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
6. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
8. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov, Tahir Rzayev, Ziyafət Əsgərov, Fərəc Quliyev, Əli Məsimli, Hikmət Məmmədov, Naqif Həmzəyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
9. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
10. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
11. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
12. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əhliman Əmiraslanov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 85
Nəticə: Qəbul edildi
16. “Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
18. Standartlaşdırma haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Əli Məsimli, Eldar Quliyev, Əflatun Amaşov, Niyazi Rəhimov
Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
19. Texniki tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
23 fevral 2018-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 96
Yetərsay 83
Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, istəyirəm, iclasa xoş bir ovqatla başlayaq. Bu gün bizim parlamentin deputatı Fəttah müəllimin 80 yaşı tamam olur. Bu münasibətlə cənab Prezident Fəttah müəllimə “İstiqlal” orden verdi, Milli Məclisin rəhbərliyi də təbrik elədi. Cənab Prezident Fəttah müəllimin əmək fəaliyyətinə öz qiymətini verdi. Gəlin, bu münasibətlə Fəttah müəllimi təbrik edək! (Alqışlar.) Çox sağ olun.
Hörmətli deputatlar, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, yazılın, xahiş edirəm. Siyavuş Novruzov.
S.Novruzov. Hörmətli Sədr, hörmətli deputatlar! Mən ilk növbədə, cənab Prezidentə öz təşəkkürümü bildirmək istəyirəm ki, bir neçə fərman ilə, yəni həm vəkillik işinin təşkili ilə bağlı əlavə tədbirlər, həm də cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar fərman imzaladı. Bu da bilirsiniz ki, Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək şəkildə qarşılandı. Burada xatırlayırsınızsa, biz nümayəndəliyi ləğv edəndə çoxları məsələ qaldırmışdılar ki, nümayəndəlik ləğv olunur, bəs əvəzetmə proseduru necə olacaq? Lakin biz bir daha cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində gördük ki, həm vəkillik işinin təkmilləşdirilməsi, həm də cəza siyasətinin humanistləşdirilməsi insanların bilavasitə hüquq ilə bağlı olan problemlərinin böyük əksəriyyətini həll etdi. Təkcə cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar fevralın 17-də imzalanan sərəncama əsasən artıq 1500-dən artıq insanın çəkəcəyi cəzanın yüngülləşdirilməsi və çəkmədiyi hissədən azad olunması prosesinə başlanılıbdır. Bunun özü də məhz bir amnistiya, əfv aktıdır ki, həyata keçirilir.
Biz həmişə şahidi olmuşuq ki, ölkəmizdə bu cür humanist addımlar atılıbdır. Məhz 1993-cü ildən bu tərəfə parlamentdə 70-dən artıq əfv sərəncamı, 11-dən artıq amnistiya aktı qəbul olunubdur. Son olaraq da hörmətli Mehriban xanım tərəfindən irəli sürülən amnistiya aktı ilə əlaqədar kifayət qədər insan azadlığa çıxıbdır. Bu, Heydər Əliyev siyasətinin əsas prinsipi və amalıdır. Heç təsadüfi deyil ki, bu yaxınlarda, elə bir neçə gün bundan qabaq bizim həmkarımız Mehriban xanımın Birinci vitse-prezident təyin olunmasının bir ili tamam oldu. Bu parlamentdə dəfələrlə bu cür aktların həyata keçirilməsinin şahidi olmuşuq. Əsasən də Heydər Əliyev siyasətinin əsasını humanizm təşkil edib.
Cənab Sədr, Sizdən bir dəqiqə də xahiş edəcəyəm, əgər mümkünsə, buna şərait yaradın. Demək istəyirəm ki, əfsuslar olsun, müəyyən mətbuat orqanları bunları tamamilə başqa istiqamətlərdə işıqlandırmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda siyasi baxışlarına görə, siyasi davranışlarına görə, siyasi yazılarına görə indiyə qədər heç bir şəxs məsuliyyətə cəlb olunmayıb. Bu, 1993-cü ildən belədir. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar da olub, başqa addımlar da atılıb. Amma Yeni Azərbaycan Partiyası iqtidara gəldiyi dövrdən, ümummilli lider iqtidara gəldiyi gündən belə bir proses olmayıbdır və hər kəs hansı partiyaya üzv olmasından asılı olmayaraq törətdiyi cinayətə uyğun olaraq məsuliyyətə cəlb olunur. İstər Yeni Azərbaycan Partiyasının üzvü olsun, istərsə də digər partiyaların üzvü olsun. Yaxud hansısa peşənin sahibi olsun. Bu onun törətdiyi əməli sığortalamır. O baxımdan da bəzən görürsən ki, partiya üzvlərinin adından, xüsusilə də mənim adımdan bəzi hallarda qəzetlərdə və yaxud da internet saytlarında müxtəlif səpkili yazılar verirlər.
Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda bu və ya digər şəkildə törətdiyi cinayətə görə öz cəzasını çəkən insanlar var. Bu insanlardan əgər kimsə peşman olursa, törətdiyi əməli başa düşürsə və islah olunduğunu bəyan edərək müraciət edirsə, o, əfv olunur. Kimin cəzası yüngüldürsə, bu, gələcəkdə qəbul oluna biləcək amnistiya aktlarında öz əksini tapacaq. Qalan hallarda isə hansı siyahıya düşməsindən, kimin nə isə tətbiq eləməsindən asılı olmayaraq Azərbaycan hüquqi bir dövlətdir və burada qanunun aliliyi hər şeydən üstündür. Cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm ki, bu cür hüquqi addımlar ilə dünyaya bir daha sübut elədi ki, Azərbaycanın dövlət siyasəti ən humanist siyasətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çox sağ olun ki, belə bir açıqlama da verdiniz. Çünki son dövrlər mətbuatda bir çox məsələlər başqa cür, təhrif olunmuş şəkildə verilir. Ona görə də mən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllimə tapşırmışdım ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında Qanunun icrası ilə bağlı məlumat versin. Müzakirələrin sonunda mən Sizə söz verərəm, Əli müəllim, qısa bir arayış verərsiniz. Şahin İsmayılov buyursun.
Ş.İsmayılov. Hörmətli cənab Sədr, əziz həmkarlar! Məlum olduğu kimi, Xocalı hadisələrinin növbəti ildönümü ərəfəsindəyik və biz mənim də rəhbəri olduğum Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı vasitəsilə təqribən 4–5 aydır, erməni məktəblərində tədris olunan tarix, coğrafiya, erməni ədəbiyyatı, erməni dili dərsliklərinin təhlili ilə məşğuluq. Bu gün həmin dərsliklərdə olan məqamların bir neçəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Əksər hallarda ermənilər Azərbaycan dərsliklərində erməni xalqına münasibəti qabardır və xalqların birgə yaşayış münasibətini ortaya qoyurlar. Mən konkret faktlar ilə bizim əldə etdiyimiz həmin məlumatların bir neçəsini sizlərin və mətbuatın diqqətinə çatdırmaq istəyirəm.
Misal üçün, erməni tarixi, 12-ci sinif, konkret olaraq 66-cı səhifə, Dağlıq Qarabağ Respublikası, müstəqilliyin tanınması, Arsaxın azadlıq müharibəsi başlığı altında verilən məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Stepanakert üçün ən təhlükəlisi Xocalı idi. Xocalı Stepanakert ilə Əskəranın arasını bağlayırdı. Bundan başqa, Xocalı azərbaycanlıların ilk və ən böyük məğlubiyyəti idi. Hərbi hazırlıq kitabının 72-ci səhifəsi, beynəlxalq insan haqları bölməsində: “...təzəlikcə baş vermiş hadisəni xatırlayaq... Arsaxın müdafiəsi zamanı erməni hərbi birləşmələri Xocalı və Şuşanı işğaldan azad edərkən həmin əhalinin oradan çıxması üçün dəhliz qoydular... buna baxmayaraq, azərbaycanlılar erməni sakinlərinin çoxunu işgəncə verərək diri-diri yandırmışdılar”. Coğrafiya kitabı, 8-ci sinif. Burada Azərbaycanın ərazi təhrifi ilə rastlaşırıq. Azərbaycanın ərazisi 75 min 0,2 kvadratkilometrdir. Eyni zamanda, həmin coğrafiya kitabında göstərilir: “Naxçıvanın Azərbaycana birləşdirilməsi haqsızlıq olub”. Yenə həmin coğrafiya kitabında verilir: “1990-cı illərdə Azərbaycan əhalisinin milli tərkibi qarışıq idi. Azərbaycanda təxminən yarım milyon erməni yaşayırdı”. Bu rəqəm həmin dövrə uyğun deyil, çünki biz bu rəqəmləri Dövlət Statistika Komitəsindən alırıq. “Ermənilər Azərbaycanın yerli xalqlarındandırlar. Ruslar, yəhudilər, ukraynalılar və digər xalqların nümayəndələri isə XIX–XX əsrlərdə neftçıxarma və iqtisadiyyatın digər sahələrində çalışmaq üçün Azərbaycana gətirilmişdilər. O zamanlar azərbaycanlıların böyük əksəriyyəti savadsız idilər”. Kifayət qədər belə faktlar var və bu faktlar tamamilə araşdırıldıqdan sonra bunu müxtəlif dillərdə tərcümə edib kitab halında bizim diplomatik korpuslara, o cümlədən ictimai təşkilatlara təqdim etmək niyyətindəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, hazırda Milli Məclisin 20-dən çox nümayəndəsi Xocalı soyqırımı ilə əlaqədar tədbirlərdə, aksiyalarda iştirak eləmək üçün bir çox ölkələrə ezam olunublar. Yəqin, bu iclasdan sonra da bir neçə nümayəndə heyəti gedəcək. Hazırda Avropa Parlamentində də Xocalı soyqırımı haqqında bəyanat hazırlanır. Yəni bu işlər Milli Məclisdə də gedir. Siz də bu məlumata görə çox sağ olun. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, ölkədə hüquq islahatlarının güclənməsi baxımından dünən Prezidentin verdiyi sərəncam, həqiqətən, böyük əhəmiyyət daşıyır. Xüsusilə də dövlət hesabına vətəndaşların hüquqlarının müdafiə edilməsi imkansız vətəndaşlar üçün vacibdir. Vəkillərin ödəniş məbləğinin 3 dəfə artırılması hələ yetərli olmasa da, indiki vəziyyətdə çox ciddi bir irəliləyişdir.
Burada nümayəndəlik ilə bağlı hörmətli deputat həmkarım fikir səsləndirdi. Əslində, biz bunu indiki şəraitdə vətəndaşın vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxara biləcək bir qərar kimi əvvəlcədən də qiymətləndirmişdik. Ona görə yox ki, bu ləğv olunmamalıdır. Ona görə o olmalıdır ki, vəkillərin sayı kifayət qədər artırılandan sonra bunun ləğv edilməsi daha faydalı olar. Təsəvvür edin ki, 3–4 ay ərzində bizə müraciət edən əlil vətəndaşların və ümumiyyətlə, böyük əksəriyyətin vəkil tutma imkanı yoxdur. Başqa məsələlərdə də öz hüquqlarını qoruma imkanına sahib deyillər, çünki məbləğ və sair məsələlər var. Ona görə də bu məsələdə önü açmaq lazımdır və vəkilliyi xüsusi dövlət qurumu kimi, əlçatmaz bir instansiya kimi göstərmək yanlışdır. Məncə, 60 baldan 50 bala keçirilməsi də vacibdir. Bizdə hüquq təhsilinin səviyyəsi Türkiyədə, Avropa ölkələrindəki kimi deyil ki, deyəsən insanlar mütləq o yüksək səviyyəli savada malik olmalıdırlar. Vəkillik bilavasitə təcrübə ilə bağlı məsələdir. Ona görə də 1800 adamdan əgər 600 nəfər keçirsə, bu olduqca az rəqəmdir. Ona görə də mütəmadi bu tədbirin keçirilməsi vacibdir.
Digər bir vacib məsələ. Ölkədə, bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə çevrildi. Ən şəffaf işləyən qurumlardan biridir. Ona görə deyirəm ki, mütəmadi olaraq öz fəaliyyətləri ilə bağlı hesabatları əhatəli şəkildə millət vəkillərinə göndərirlər. Amma digər bir məsələ var ki, böyük əksəriyyət imtahan verir, amma növbəti mərhələyə keçə bilmir. Vətəndaşı o oyuna salmağın nə mənası var? İxtisaslaşmış qurumlar var, başa düşdük. Yazılı imtahan götürürlər. Bunu anlayışla qarşılayırıq. Qalan dövlət müəssisələrində vətəndaşa bu qədər güvənsizliyə nə ehtiyac var? 2000 vakant yerə bu dəfə 1500 adam ərizə verib. Maaş da 300–400 manatdır. Deyək ki, böyük də maaş deyil. Bu vətəndaş hələ getməlidir, müsahibədən keçməlidir. Orada da subyektiv qiymətləndirmədir. Böyük əksəriyyət kimi arzulamırsa, o daxil ola bilmir. Ona görə də elə Dövlət İmtahan Mərkəzinin nəticələri tanınmalı, bilik qiymətləndirilməsi nəzərə alınaraq, bu insanların birbaşa dövlət qurumlarına işə götürülməsi təmin olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Biz bu gün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələni müzakirə edəcəyik. Orada 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə bağlı rüsum haqqında bir məsələ vardı. Amma mən başqa məsələyə toxunmaq istəyirəm. Biz uzun müddətdir, soyadlar ilə bağlı müəyyən müddəalar qəbul eləmişik. Müəyyən addımlar atmışıq. Amma hesab edirəm ki, soyadların dəyişdirilməsi, daha doğrusu, milliləşdirilməsi ilə bağlı ciddi addımlar atırlar. Xüsusən orta və yaşlı nəsil ilə bağlı bu məsələ bir az anlaşılandır. Amma indi bizim əlimizdə o imkan var ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ilkin şəxsiyyət vəsiqələri veriləndə bu vəsiqələrdə soyadlarının dəyişdirilməsini məcburi edən bir müddəa qəbul edək. Adamlar bu sənədləri alanda mütləq təkliflərini versinlər ki, hansı milli sonluğu olan bir soyadı qəbul etmək istəyirlər. Hətta belə bir zəruri addım da atmaq olar ki, əgər bu təklif olunmasa, onda müvafiq icra hakimiyyəti özü bir neçə təklif versin ki, bunlardan birini qəbul eləyin. Yəni bütün hallarda mütləq şəkildə bu dəyişdirilsin. Biz indidən bu proseduru başlatsaq, 2019-cu ildən artıq Azərbaycanda bütün şəxsiyyət vəsiqələrində soyadların milli sonluqla tamamlanmasına nail ola bilərik ki, bu da əvvəl-axır olmalıdır.
İkinci məsələ. Mən artıq Xocalı soyqırımı ərəfəsində olduğumuz üçün bu məsələyə toxunmaq istəyirəm. Hollandiyada erməni soyqırımı ilə bağlı qanun qəbul olunubdur. Mən təklif edirəm, Milli Məclis Xocalı soyqırımı ilə bağlı müvafiq sənədləri və bir etiraz məktubunu Hollandiya hökumətinə göndərsin ki, baxın, yaxın tarixdə hamının gözü qabağında baş vermiş soyqırımıdır. Buyurun, bunu da tanıyın. O soyqırımı kimi tanıdığınız hadisəni də Türkiyə tərəfindən tərtib olunan komissiya ilə araşdırın. Məncə, Milli Məclis bu məsələyə biganə qalmamalıdır. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, media nümayəndələri! Oqtay müəllim, mən təşəkkür edirəm ki, Siz cənab Prezidentin bizim hörmətli el ağsaqqalı olan həmkarımız Fəttah müəllimlə bağlı sərəncamını xatırlatdınız. Digər hörmətli həmkarım Siyavuş Novruzov da Prezidentin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər bir sərəncamı haqqında danışdı. Bu, vəkillər ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamdır. Hamımız xatırlayırıq ki, burada dəfələrlə bizim hörmətli millət vəkilləri məsələ qaldırmışdılar ki, ölkədə vəkillik institutunun nüfuzunu qaldırmaq üçün ciddi ehtiyac var, vəkillərin sayı azdır. Ümumiyyətlə, ədalət mühakiməsini vəkillərsiz təsəvvür eləmək mümkün deyil. Yəni ədalətin ortaya çıxması üçün məhkəmələrdə mütləq çəkişmə prinsipi təmin olunmalıdır və tərəflər, dediyim kimi, bərabər əsaslarla, bərabər səviyyəli hüquqi müdafiə ilə təmin olunmalıdırlar.
Əvvəllər də cənab Prezident vəkillərlə bağlı sərəncam imzalamışdı. Keçən dəfə mən xatırlatdım ki, cənab Prezidentin vəkillərə bina ayrılması ilə bağlı sərəncamı uzun müddət idi icra olunmurdu. Düşünürəm ki, bu sərəncamdan sonra nəhayət, müvafiq dövlət orqanları cənab Prezidentin bu sərəncamını yerinə yetirəcəklər. Vəkilliyə qəbul ilə bağlı mütəmadi olaraq bu prosedur həyata keçiriləcək. İlkin dövrdə suallar nisbətən sadələşdiriləcək ki, biz vəkillərin sayını Avropadakı minimum səviyyəyə çatdıra bilək. Doğrudan da, bu məsələ həm də Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü kimi məni ən çox narahat eləyən məsələlərdən biri idi. Cənab Prezident həm də bizim çağırışları nəzərə alaraq hüquqi islahatların dərinləşməsi üçün bu addımı atıb. Buna görə mən öz minnətdarlığımı bildirirəm və düşünürəm ki, biz də Milli Məclis olaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu mütləq dəyişməliyik. Tezliklə o qanun yenidən işlənməlidir və vəkillərin sübutları toplaması imkanları artırılmalıdır. Yəni necə ki, prokurorluq orqanlarının, istintaq orqanlarının sübutları toplamaq imkanları var, vəkillərin də sübutları toplamaq imkanları yeni qanunvericiliklə genişləndirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də Fərəc bəyin toxunduğu məsələni inkişaf etdirmək istəyirəm. Doğrudan da, dünən üzüntü ilə qəbul elədik. Hollandiyada 1915-ci il erməni soyqırımının tanınması haqqında qərar qəbul edildi. Bəzən bizdə də səsləndirirlər ki, əşi, bu, Türkiyəyə aid olan məsələdir. Mən hesab edirəm, birmənalı şəkildə hamı bilməlidir ki, bu, tək Türkiyəyə aid məsələ deyil. Bizim Ermənistan adlı düşmənimizin qüvvətləndirilməsinə aid bir sənəddir. Yəni bu məsələ çox ciddi araşdırılmalıdır.
Misal deyək ki, bu yaxınlarda Ağsuda “Xaraba şəhər” deyilən bir yerdə arxeoloji qazıntılar zamanı Hollandiyaya aid pul nümunələri tapılıb. Bu da onu sübut edir ki, 300 il bundan qabaq orada ticarət olub. Mən bununla fəxr eləməliyəm ki, mənim xanlığım Əfşarlar dövründə Hollandiya ilə münasibət qurub. Hollandiya o zaman dünyanın ən sonuncu imperiyalarından biri idi. Afrikada, Anqolada, digər yerlərdə insanları həşərat kimi qırırdı. İndi yadına insan haqları məsələsi düşüb. Maraqlıdır ki, İspaniyada da bu məsələ yaşanan kim yadlarına insan haqları düşür. Biz bilirik, hamısı nədən qaynaqlanır. Hamısı xristian təəssübkeşliyidir və mən təəssüf edirəm ki, vaxtilə həm qacarlar, həm də osmanlılar ermənilərin Qafqaza köçməsinə şərait yaratdılar. Onlar başa düşmədilər ki, Qafqazda erməni dövləti yarana bilər. Belə səhvlər hələ də davam edir. Biz neyləməliyik? Həm ölkə daxilində, həm də xaricdə türk və islam birliyini artırmalıyıq.
Qabaqdan seçkilər gəlir. Fərqli düşüncədən, hansı dövlətə rəğbətindən asılı olmayaraq milli şüuru hakim tutmalıyıq, içəridə də möhkəmlənməliyik, bütün dünyada da möhkəmlənməliyik. Dünyanın harasında xristian təəssübkeşliyi varsa, içərisində milli problem olmayanda bu problem yadlarına düşür, bir balaca milli problem olan kimi tamamilə fərqli mövqe sərgiləyirlər. Ona görə də dünyanın harasında müsəlman varsa, harasında türk varsa, bu birliyə nail olmalıyıq. Bu mənada Azərbaycanın son dövrlər Rusiyanın içərisində islam-türk amilinin güclənməsi nəticəsində İran və Türkiyəyə yaxınlaşmasını və buna zərurət duymasını alqışlayıram. Azərbaycan bu məsələlərə toxunmalıdır. Yaxşı ki, Azərbaycan üçtərəfli görüşlərə gedir. Bunları inkişaf etdirmək lazımdır. Ən azı, bizim coğrafiyada bizim birliyimiz artırılmalıdır. İslam-türk birliyi artırılmalıdır, qonşularla möhkəm münasibətlər qurmalıyıq. Sabah nəinki beynəlxalq təşkilatlar, dünyanın milyarderləri erməniləri xilas eləmək üçün milyardlarla pul köçürəcəklər, çünki deyəcəklər ki, dünyanın ilk xristian xalqıdır və məzlum xalqdır. Ona görə heç vaxt bunu yaddan çıxartmayaq. Hamını milli birliyə çağırıram.
Sədrlik edən. Çox sağ ol, amma ermənilər heç vaxt dünyanın ilk xristian xalqı olmayıb, bu, qondarma bir məsələdir. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli millət vəkilləri, mən də Hollandiya parlamentinin bu ədalətsiz qərarından xəbər tutdum və hesab edirəm ki, doğrudan da, belə bir addımın atılması heç bir halda sülhə, əmin-amanlığa xidmət etmir. Eyni zamanda, bir şad xəbəri də qeyd etmək istəyirəm. Fevral ayının 9-da Avropa İttifaqı–Azərbaycan Əməkdaşlıq Şurasının toplantısından sonra Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam şəkildə dəstəkləyir. Əvvəllər “dəstəkləyir, müdafiə edir” fikirlərini eşitmişdik, amma bu dəfə “tam şəkildə dəstəkləyir” fikri bizim üçün olduqca əhəmiyyətlidir. Bunu görən erməni lobbisi və diasporu əl-ayağa düşərək fevral ayının 28-də Avropa Parlamentində separatçı hərəkatların 30 illiyi və Sumqayıt təxribatı ilə bağlı tədbir keçirmək və yenə də öz yalanlarını dünyaya yaymaq istəyirlər.
Bizi ən çox narahat edən cəhət odur ki, ermənilərin bu tədbiri keçirmək istədikləri bir vaxtda Avropanın bəzi ölkələrində “sapı özümüzdən olan baltalar” sinxron şəkildə Azərbaycandakı seçkilərlə bağlı həqiqəti təhrif eləyən məlumatlar yaymağa başlayıblar. Bu seçkilərə indidən kölgə salmaq istəyirlər. Bu da, təbii, təəssüf hissi doğurur ki, öz millətimizin bəzi nümayəndələri, – mən xüsusilə qeyd etmək istəyirəm ki, Avropada bizim çox qeyrətli, vətənsevər, milli maraqlarımızı müdafiə edən insanlarımız, soydaşlarımız yaşayırlar, – belə cılız hislərlə çıxış edərək ermənilərlə birlikdə Azərbaycan əleyhinə, dövlətimiz əleyhinə fəaliyyət göstərmək istəyirlər.
İki gün bundan öncə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin bir ili tamam oldu. Xatırlayıram, fevral ayının 27-də təyinatından 6 gün sonra Rusiyanın “РоÑÑиÑ-24” kanalında çox maraqlı fikir söyləmişdi. Demişdi: “Hakimiyyətə müxalifətdə olmaq olar, hakimiyyəti tənqid etmək olar, hakimiyyətin mövqeyi ilə razılaşmamaq olar, amma ən dəhşətlisi odur ki, öz dövlətçiliyinə və xalqına müxalifətdə olasan”. Bu, qəbuledilməzdir və heç bir məntiqə sığmır. Bu gün təəssüf hissi ilə qeyd edirik ki...
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, mən Sizə sonda söz vermək istəyirdim, özünüz yazıldınız, o məsələ haqqında, xahiş edirəm, açıqlama verəsiniz.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Sizin tapşırığınız əsasında bu ilin oktyabrında qəbul etdiyimiz Cinayət Məcəlləsinə də, İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər edilməsi haqqında qanunun icrası ilə bağlı hörmətli Məclisə məlumat vermək istəyirəm. Hörmətli həmkarım Siyavuş müəllimin qeyd etdiyi kimi, 2017-ci ilin fevral ayında cənab Prezident tərəfindən cəza siyasətinin humanistləşdirilməsinə dair çox əhəmiyyətli bir sərəncam imzalandı. Bu sərəncamın icra istiqamətlərindən biri də qanunvericiliyin humanistləşdirilməsi idi. Bununla bağlı işçi qrupu yaradıldı, layihə hazırlandı, cənab Prezident tərəfindən parlamentə təqdim olundu və millət vəkillərinin iştirakı ilə geniş ictimai müzakirə də keçirildi. Qanun layihəsinin mahiyyətinə görə 15 cinayətin dekriminallaşdırılması, bütövlükdə 300-ə yaxın əlavə və dəyişiklik mövcud idi. Qanunun mənasına görə bir çox cinayətlərdə, daha dəqiqi, 52 cinayətdə zərərçəkmiş şəxslə barışma, mülkiyyət əleyhinə və iqtisadi sahədə cinayətlərlə bağlı ziyanın ödənilməsi və dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi, o cümlədən həmin ziyanın bir-iki misli məbləğində ödəniş etməklə cəzadan tam azadolma imkanı yaradılırdı. Yəni qanun bir çox hallarda yeni imkanlar yaratdı.
Qanun dekabr ayının 1-dən qüvvəyə mindi və dekabrın 1-dən indiyə qədər, yəni təxminən 4 ay müddətində, 2 aydan bir qədər artıq müddət ərzində icra ilə bağlı vəziyyət belədir. 2017-ci il dekabrın 1-dən bu günədək məhkəmələrə qanunun tətbiqi ilə bağlı 4 mindən artıq təqdimat göndərilib. Təqdimat nəticəsində 479 məhkum azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 585 məhkumun isə azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmışdır. 465 məhkum isə, o şəxslər ki azadlıqdan məhrumetmə cəzasına deyil, digər cəzalara məhkum olunmuşdular, onlar da həmin cəzalardan azad edilmişlər. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilmiş, daha dəqiqi, yüngülləşdirilmişdir. Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat mövcuddur, çünki qanunun icrası davam edir. 5000 məhkum barədə təqdimatların göndərilməsi nəzərdə tutulur. Beləliklə, ümumilikdə bu qanunun tətbiqi ilə bağlı proqnoz ondan ibarətdir ki, 1500-ə yaxın azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yəni həbs formasında cəzasını çəkən şəxslər azad ediləcək, minlərlə məhkumun isə cəzaları bu və ya digər formada yüngülləşdiriləcəkdir. Xatırlayırsınızsa, biz amnistiya ilə bağlı qanunları da təqdim edərkən rəqəmlər təxminən oxşar olurdu, yəni proqnozlar belə olurdu ki, 1500, 2000 məhkum azadlığa buraxılacaq, minlərlə şəxsin isə amnistiya tətbiqi nəticəsində cəzaları yüngülləşdiriləcək. Yəni birmənalı demək mümkündür ki, cənab Prezidentin bir il bundan qabaqkı sərəncamının icrası ilə hazırkı qanunun tətbiqi ilə bağlı vəziyyət təxminən amnistiya haqqında qanunun icrasına bərabərdir və beləliklə, həmin qanunu amnistiya qüvvəli qanun kimi də qəbul etmək mümkündür.
Cənab Sədr, icazə versəniz, həmkarlarımın qaldırdıqları iki məsələyə də münasibət bildirim. Birincisi, Fərəc müəllim, diqqətinizə çatdırmaq istəyirəm ki, soyadların milliləşdirilməsi ilə bağlı qaldırdığınız məsələ aktualdır. O fikrinizi də bölüşürəm ki, insanlar bu seçimdə azad olmalıdırlar. Amma yeni nəslin soyadlarının milliləşdirilməsi ilə bağlı bizim qanunumuz var, 2013-cü ildə, səhv etmirəmsə, mən məruzə etmişəm. Yeni nəsil soyadlarında artıq sonlar millidir və müəyyən seçim etmək imkanı vardır. Düşünürəm ki, bu qanunun tətbiqində heç bir problem yoxdur. Digər şəxslər də belə imkandan istifadə edirlər və nəzərinizə çatdırım ki, hazırda familiyanı milliləşdirmək proseduru “ASAN xidmət” vasitəsilə çox asan həyata keçirilə bilir.
İkincisi, vəkilliklə bağlı. Burada Siyavuş müəllim, Qüdrət müəllim, Fazil müəllim də bu məsələni qaldırdılar. Həqiqətən də, dünən cənab Prezidentin vəkilliyin inkişafı ilə əlaqədar əlavə tədbirlərlə bağlı imzaladığı sərəncam çox əhəmiyyətlidir. Amma mən o fikri bölüşmürəm ki, vəkilliyin test imtahanı ilə bağlı nəticələrdə müəyyən dəyişiklik etmək lazımdır. Niyə? Çünki biz, əslində, fiziki şəxslərin qanun nümayəndəlik institutunu ləğv edərkən dəlilimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir. Biz də ona görə qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi ancaq Vəkillər Kollegiyasının üzvü tərəfindən aparılacaq. Əgər vəkillər peşəkar olmasalar, onlar seçmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O dəlili qəbul edə bilmərik ki, digər tərəf, misal üçün, ittiham tərəfi bütün test mərhələlərini keçsin, amma vəkillik bunu keçməsin. Məncə, problemin həlli yolu bundan ibarət deyil. Sonuncu test imtahanları göstərdi ki, test imtahanlarında iştirak edənlərin üçdə biri testi müvəffəqiyyətlə verdi. Sonra nəyi qeyd etmək istəyirəm? Təcrübə onu göstərir ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçimində, ümumiyyətlə, növbəti mərhələ bəzən çox əhəmiyyətlidir. Yazılı test imtahanını vermək hələ peşəkarlığın yeganə göstəricisi deyil. Bu baxımdan hesab edirəm ki, sərəncamdakı digər müddəaların tətbiqi vəkillərin sayının artırılmasına da gətirib çıxaracaq. Amma nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən bütün tərəflər – ittiham tərəfi də, müdafiə tərəfi də peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsunlar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, qısa izahat verdiniz. Yəqin, ilin axırına qədər bu insanların sayı bir az da çoxalacaq. Bir də, bilirsiniz ki, Əfv komissiyası öz işinə davam edir və biz əminik ki, yaxınlarda, – düzdür, bu, cənab Prezidentin səlahiyyətidir, – ancaq böyük bir əfv sərəncamı gözlənilir. Çox sağ olun.
İndi keçək gündəliyimizin növbəti məsələlərinə. Gündəliyimizdə 19 məsələ var. Birinci iki məsələ sazişlərdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökumət arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu qəbildən olan sazişlər Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında qəbul olunub. Artıq bu sazişlər qüvvədədirlər və bu sazişin qəbul olunması, hesab edirəm ki, həm Türkiyənin, həm də Azərbaycanın milli dövlət maraqlarına çox əhəmiyyətli dərəcədə cavab verir. Sazişin mətninə baxsaq, burada sazişin məqsədi, əhatə dairəsi, əməkdaşlığın formaları, hüquqi məsələlər, maliyyə məsələləri, inzibati məsələlər və digər məsələlər, eyni zamanda, məxfi məlumatların qorunması, birgə komissiyaların yaradılması və digər məsələlər onu deməyə əsas verir ki, bu saziş, həqiqətən, köklü surətdə, fundamental surətdə bizim Türkiyə ilə hərbi əməkdaşlığımızın dairəsini daha da genişləndirir. Sözsüz ki, bu, bizim ordumuzun daha da möhkəmləndirilməsi baxımından, hərbi sənayemizin daha da möhkəmləndirilməsi baxımından olduqca vacib bir sənəddir. Mən detallara varmaq istəmirəm, bu sənədin əhəmiyyəti hamıya məlumdur, ona görə də sizləri bu sazişə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Oqtay müəllim, mən üzr istəyirəm, ikinci məsələ ilə bağlı danışmaq istəyirəm.
Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə səs verək.
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, İsa Həbibbəyli.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Deputat həmkarlarım, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsindəki sazişin əsas mahiyyəti bundan ibarətdir ki, indiyə qədər ayrı-ayrı özəl təhsil qurumları tərəfindən daha çox həyata keçirilən təhsil fəaliyyəti bundan sonra hər iki ölkədə müəyyən olunmuş dövlət qurumları tərəfindən və hər iki ölkənin milli maraqlarına və dövlətçilik maraqlarına uyğun şəkildə həyata keçiriləcək. Azərbaycan Respublikası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Türkiyə Respublikası tərəfindən isə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi, Türkiyə Maarif Fondu və Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin nəzdində yaradılacaq Bakı Türk Təhsil Müəssisələri qurumu tərəfindən həyata keçiriləcək. Bakı Türk Təhsil Müəssisələri qurumunun nizamnaməsi hər iki ölkə tərəfindən rəsmi olaraq tanındıqdan sonra qüvvəyə minəcək.
Təqdim olunan sazişə görə təhsil fəaliyyəti məktəbəqədər təhsil müəssisələrini, tam orta təhsilin bütün pillələrini, peşə təhsilini, ali təhsili, hətta doktorantura təhsil proqramlarının birgə həyata keçirilməsini əhatə edir. Bu sazişdə, eyni zamanda, ali təhsil sahəsində Azərbaycanşünaslıq və Türkiyəşünaslıq proqramlarının icra edilməsi nəzərdə tutulur. Bu proqramların həyata keçirilməsi ilə əlaqədar olaraq yay məktəblərinin təşkilinə aid də xüsusi müddəalar vardır. Sazişdə habelə təhsil müəssisələri və yataqxana yaratmaq üçün torpaq sahələrinin ayrılması, burada ölkələr tərəfindən qarşılıqlı şəkildə təhsil müəssisələrinin tikilməsi və istifadə olunmasına aid müddəalarda həm də o nəzərdə tutulur ki, hər hansı bir səbəbdən təhsil müəssisəsi fəaliyyətini dayandırarsa, həmin mülkiyyətin ölkəyə qaytarılması təmin edilir. Burada, eyni zamanda, qarşılıqlı şəkildə hər iki ölkədə diplomların tanınması prosedurları öz əksini tapır. Dərsliklərin mübadiləsinə dair müddəalar da vardır. Bundan başqa, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təcrübəsinə ortaq türk tarixi və ortaq türk ədəbiyyatı dərsliklərinin hazırlanmasına aid olan müddəalara əlavə olaraq onu da deyə bilərəm ki, artıq Beynəlxalq Türk Akademiyasının bazasında ortaq türk dərsliyi hazırlanmışdır, yaxın vaxtlarda ölkəmizin və türkdilli ölkələrin 8-ci siniflərində onun tədrisinə başlanacaqdır. Ortaq türk ədəbiyyatı dərsliyi isə hazırlanma prosesindədir.
Bu qanun layihəs 2017-ci il oktyabrın 31-də imzalanmışdır. 5 il müddətində nəzərdə tutulur. Bu qanun layihəsi təsdiq olunduqdan sonra bundan əvvəl eyni istiqamətdə qəbul olunmuş sazişlər, müqavilələr qüvvədən düşmüş hesab olunur. Düşünürəm ki, bu saziş hər iki ölkədə təhsilin bütün pillələrində qarşılıqlı əməkdaşlığı xalqlarımızın milli maraqlarına və ölkələrimizin dövlətçilik maraqlarına uyğun şəkildə yenidən qurmaq üçün geniş imkanlar yaradır və mühüm əhəmiyyətə malikdir. Sizi sazişə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də hər iki sazişi yüksək qiymətləndirirəm. Türkiyə bizim üçün qardaş dövlətdir və onunla daha çox yaxınlaşmaq, daha çox bağlılıq istiqamətində atılan addımları təqdirlə qarşılayıram. Burada bir neçə məqam var ki, onlara, istəyirəm, aydınlıq gətirilsin. Birinci, 3-cü maddədə “Bakı Türk Təhsil Müəssisələri”nə daxil olan konkret təhsil subyektlərinin adları çəkilibdir. Burada, açığı, uzun illərdir Azərbaycanda rəhmətlik Turan Yazqanın başçılıq etdiyi Türk Dünyası Araşdırmaları Vaqfının nəzdində fəaliyyət göstərən Atatürk liseyinin adı yoxdur. Bəlkə bu, başqa adla dəyişdirilib, bunu bilmirəm. Amma burada o məktəbin Azərbaycanın təhsil sistemindən çıxarılması, mənim fikrimcə, çox böyük bir yanlış addım olardı. Türkiyə tərəfinin niyə bu məsələni öz himayəsinə götürməməsi, açığı, mənim üçün sual doğurur. Çünki bu, dini təmayüllü bir məktəb deyil. Sırf dünyəvi təmayüllüdür və Azərbaycan uşaqlarının da yüksək səviyyədə təhsil almasına, orta təhsilin yüksək keyfiyyətlə təmin olunmasına köməklik göstərir. O baxımdan da, məncə, sazişdə daha yaxşı olardı ki, “və sair, sonra razılaşma əsasında yaradılan məktəblər” ifadəsi nəzərdə tutulardı. Çünki bu ərəfədə Türkiyə ilə bizim yaxınlığımız o səviyyədədir ki, konkret məktəb adlarından əlavə də yer qoymaq lazımdır, yən hər dəfə saziş bağlamağa ehtiyac yoxdur. Hər iki tərəf, yəni bizim Təhsil Nazirliyi ilə onlar razılaşarlarsa, bizdə, ya da orada hansısa bir təhsil müəssisəsinin açılması mümkün olsun. Ona görə də mən bu maddəni bir az natamam hesab edirəm.
İkinci məsələ 10-cu maddədə nəzərdə tutulan birgə işçi qrupu məsələsidir. Açığı, sizə bir şey söyləyim, indi bu imzalanıb, mən başa düşürəm, amma hər halda təkliflərimi deyirəm ki, nəzərə alınsın. Birgə işçi qrupu deyəndə, bunlar ildə bir-iki dəfə tərəflərin sorğusu ilə ya Türkiyədə, ya da Azərbaycanda görüşməlidirlər. Türkiyə və Azərbaycanın təhsil inteqrasiyası o səviyyədədir ki, daimi işləyən bir qurum yaradılmalıdır. Yəni Türkiyədə çox sayda tələbələrimiz var, burada da çox sayda təhsil alan türkiyəli tələbələr var və onların problemləri ilə məşğul olan, daimi fəaliyyət göstərən, 3, 4, 5 ştatdan ibarət xüsusi qurumun olması vacibdir. Açığı, sizə söyləyim ki, bizdə tibb təhsilinin səviyyəsi kifayət qədər aşağıdır. Hüquq təhsilinin səviyyəsi kifayət qədər aşağıdır və biz Türkiyədən bu istiqamətdə yararlana bilərik. Orada bu səviyyə daha yüksəkdir. Yəni açıq etiraf edək. Ona görə də burada Azərbaycan Tibb Universitetini bitirən tələbələr gedib orada 1–2 il qaldıqdan sonra, müəyyən mənada rezidentura keçdikdən sonra gəlib burada həkim işləyə bilirlər. Az-çox təcrübə toplayırlar. O baxımdan da biz bu amilləri nəzərə alaraq, heç olmasa, tibb sahəsində olan natamamlarımızı Türkiyə vasitəsilə, qardaş ölkə vasitəsilə tamamlamaq istiqamətində addımlar barədə düşünməliyik.
Üçüncü ciddi məsələ. Oqtay müəllim, bilmirəm, tanış olmusunuz, ya yox, sonuncu maddədə verilir ki, bu saziş Azərbaycan, türk və ingilis dillərində imzalanır. 20-ci maddədə göstərilir ki, bu sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük verilir. Bu bəlkə bir texniki anlaşılmazlıqdır. Ondan əvvəlki sazişdə yazılırdı ki, Azərbaycan və türk dillərində imzalanır və ingilis dili xatırlanmırdı. Yəni bunlar eyni statuslu sazişlərdir. Bizim urəyimizdən keçən odur ki, heç ingilis dilində hazırlanmasın, eyni dilik, eyni qardaşıq, eyni dildə olsun. Amma hər iki sazişdə bu məsələyə bir diqqət yetirmək lazımdır. Birində ingilis dili məsələsi nəzərdə tutulub, birində tutulmayıb. Burada bir unutqanlıqmı var, ya bəlkə bilərəkdən nə isə düşünülmüş bir addımdır, hər halda onun izahını vermək yerində olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Yaxşı ki, özün dedin, bu, beynəlxalq sazişdir, imzalanıb. Buna ya hə deyirlər, ya da yox deyirlər. Biz bu sazişin içinə girməli deyilik axı. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu sənədi birmənalı olaraq dəstəkləyirik və mən bunun ən vacib sənədlərdən və sazişlərdən biri olduğunu söyləmək istəyirəm. Çünki qardaş Türkiyədə bizim minlərlə tələbəmiz var. Türkiyənin ayrı-ayrı bölgələrində minlərlə tələbəmiz ali təhsil müəssisələrində təhsil alır və Azərbaycanda da qardaş Türkiyədən yüzlərlə tələbəmiz təhsil alır və bu sənəddə ortaya çıxan bir sıra vacib məsələlər var ki, onların həlli öz əksini tapır. Bu baxımdan biz bu sazişi, özəlliklə qarşılıqlı olaraq diplomların tanınması məsələsini birmənalı dəstəkləyirik. Bu, ən vacib məsələlərdən biridir. Ali təhsili bitirən gənclərimizin də çox qaldırdıqları bir məsələ idi. Biz çox məmnunuq ki, bu məsələnin konkret olaraq yüksək səviyyədə həll olunması bu sazişdə öz əksini tapır.
İkinci ən vacib məsələ ortaq türk tarixi dərsliyinin təhsil ocaqlarında tədrisi məsələsidir. Bu da ən vacib məsələlərdən biridir. Yəni bizim ortaq tariximizin istər qardaş Türkiyədə, istərsə də Azərbaycanda tədrisi məsələsinin diqqətdə olması bizə birliyimizi, qardaşlığımızı, həmrəyliyimizi daha da gücləndirmək imkanı verməklə bərabər, həm də qardaş Türkiyədəki gənclərimizin Azərbaycan tarixi ilə bağlı daha çox məlumatlı olması, Azərbaycandakı gənclərimizin Türkiyə tarixi ilə bağlı, bizim ortaq türk tarixi ilə bağlı geniş məlumatlı olması üçün çox önəmli bir məsələdir.
Digər vacib məsələ Azərbaycan dili və ədəbiyyatının Türkiyə məktəblərində, türk dili və ədəbiyyatının isə Azərbaycan məktəblərində daha geniş yayılmasıdır. Biz Türkiyədə ali təhsil müəssisələrində görüşlər keçirdiyimiz zaman ortaya çıxan əsas məsələlərdən biri də bu idi ki, bəzən Azərbaycanda imtahan verib ali məktəbləri qazana bilməyən, həddindən artıq aşağı bal toplamış gəncləri bəzi işgüzarlar hansısa maddi vəsait qarşılığında Türkiyə universitetlərinə aparırlar və onlar orada təhsil almağa başlayırlar. Amma təbii ki, təhsili çox aşağı səviyyədə olan gənclər orada təhsil ala bilmirlər. Çünki orada başqa cürdür, oxumadan təhsil ala bilmək mümkün deyil və müəyyən problemlər yaranır. Bu ali təhsil məktəblərinə gənclərin daxil olması ilə bağlı ortaq yanaşmanın nəzərə alınması, məncə, ən vacib məsələlərdən biridir. Çünki gənclərimiz ali təhsil almaq gücündə deyillərsə, o savadda deyillərsə, onların gedib orada ailələrinin maddi durumunu çətinləşdirmələrindən və zamanlarını itirmələrindənsə peşə təhsilinə meyilləndirilmələrinə çalışmalıyıq. Bu istiqamətdə işlər də görülür. Ona görə bu sahədə tənzimləmələrin həyata keçirilməsi, hesab edirik ki, qarşılıqlı olaraq keyfiyyətli təhsil sahəsindəki məsələlərə də öz müsbət təsirini göstərəcək.
Bu sənəd gözlənilən bir sənəd idi və iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən daha çox məsələləri özündə əks etdirir. Ona görə biz bu sənədi dəstəkləyirik və inanırıq ki, o, təhsil sahəsində əməkdaşlığa öz geniş təsirlərini göstərəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bir də xahiş edirəm, bu, beynəlxalq sazişdir, bir çox açıqlamalar vermək lazım deyil, sənəddə yazılan məsələlər hamısı aydındır. Sizdən çox xahiş edirəm, bundan istifadə edib bizim təhsili aşağılamayaq. Niyə aşağılayırıq? Bəyəm Türkiyədən gəlib Azərbaycanın Tibb Universitetində oxuyan tələbələr yoxdur? Var. İkinci mərhələ dedikdə, uzmanlıqdan söhbət gedir, onlar da uzmanlıq qazanırlar, bunlar da qazanırlar. Sizdən çox xahiş edirəm. Biz çox vaxt istəyirik ki, hər hansı bir sahəmizi aşağılayaq. Bu, beynəlxalq sazişdir. Hə, yox deyin, aydın olsun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti 5 məsələ bir zərfdə daxil olub, burada dəyişikliklərdir. Bunlar “Patent haqqında” Qanunda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunda və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əgər etiraz etmirsinizsə, bu məsələləri Ziyad Səmədzadə bir yerdə təqdim etsin, müzakirə edək, ondan sonra səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, Siz tamamilə haqlı olaraq bildirdiniz ki, bu məsələlərin birgə müzakirəsi daha məqsədəuyğundur. Bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına uyğunlaşdırma məqsədi daşıyır. Bu dəyişikliklərin əsas məqsəd standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaqdan ibarətdir. Qeyd olunan fərmana əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu təkmilləşdirilmiş, onun tabeliyində olan dövlət xidmətlərinin bazasında 4 publik hüquqi şəxs statuslu qurum yaradılmışdır. Bu publik hüquqi şəxslər aşağıdakılardır. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs, Standartların hazırlanmasının tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs, Akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxs, İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini aparan müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən patent vəkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirən Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs.
Onu da qeyd etmək lazımdır ki, bu publik hüquqi şəxslərin saxlanılması və fəaliyyətlərinin təmin edilməsi heç bir dövlət büdcəsi vəsaiti tələb olunmadan, onların öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər hesabına təmin edilir. Patent haqqında, Əmtəə nişanları və coğrafi göstəricilər haqqında, Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında, Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanun layihələri Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən fərmanına uyğunlaşdırma çərçivəsində hazırlanıb. Belə ki, qeyd olunan fərmanla komitənin bir sıra funksiyaları həmin yeni yaradılmış publik hüquqi şəxslərə ötürülmüşdür ki, nəticədə həmin sahələri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Həmin qanunlarda “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilməsi, eləcə də həmin publik hüquqi şəxslərin saxlanılması və fəaliyyətinin təmin edilməsi məqsədi ilə bir sıra dövlət rüsumlarının ləğv edilərək əvəzində haqq müəyyən edilməsi nəzərdə tutulur. Haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir. Adları çəkilən qanunlardan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində həmçinin dövlət ilkin kəmiyyət vahidləri etalonlarının əldə olunması və saxlanılmasının dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulur. Yuxarıdakılara uyğun olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilərək ixtira, faydalı model, sənaye nümunəsi, patent, əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı bir sıra hüquqi hərəkətlərə görə dövlət rüsumu ləğv edilir. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edirəm. Çünki bu, həqiqətən, uyğunlaşdırma xarakteri daşıyır və Azərbaycanda standartlaşdırma və tənzimləmə məsələlərinin inkişafına öz xidmətini göstərəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 3-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 5-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 6-cı məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti 5 məsələ də bir zərfdə daxil olub. 8-ci məsələ “Baytarlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bizim sahədə 3 qanundur. İcazənizlə mən baytarlıq, fitosanitar və yeyinti məhsulları haqqında qanunlarla bağlı məlumat verərdim. Müzakirənizə təqdim olunan baytarlıq, fitosanitar, yeyinti məhsulları haqqında qanunlara təklif olunan dəyişikliklər sizə paylanmış arayışlarda göstərilmişdir. Dəyişikliklərin mahiyyəti barədə sizə qısa məlumat vermək istəyirəm. Xatırladıram ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən keçən ilin fevralında müvafiq fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmış, onun Əsasnaməsi təsdiq edilmiş və 2018-ci il yanvarın 1-dən agentlik fəaliyyətə başlamışdır. Agentliyin vəzifəsi qida məhsulları təhlükəsizliyinə dair normativ tənzimləməni, sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini, risklərin təhlilini, qida məhsullarının və onların qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyini və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsini, dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirməyi təmin etməkdən ibarətdir. Fərmana əsasən baytarlıq, bitki mühafizə və karantini sahəsində xidmətlər göstərilməsinin Kənd Təsərrüfatı Nazirliyi, nəzarət və tənzimləmə funksiyalarının isə agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədi ilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sizə təqdim olunan qanun layihələri məhz həmin fərmanın icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlara təklif olunan dəyişikliklər nəticəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin heyvandarlıq və bitkiçilik sahəsində bütün nəzarət funksiyaları yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilir. Yəni ölkəmizdə bitkiçilik və heyvandarlıq sahəsinə nəzarət və tənzimləməni vahid orqan olan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
Baytarlıq və Fitosanitar Nəzarəti xidmətləri isə bitki və heyvanların sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlərin, yən xəstəliklərə qarşı profilaktik, aqrokimyəvi xidmətlərin həyata keçirilməsi ilə məşğul olacaqlar. Bu da qida məhsullarının tarladan süfrəyədək keçdiyi bütün mərhələlərdə nəzarəti həyata keçirmək səlahiyyətlərinin qanunvericiliyə uyğun qaydada Qida Təhlükəsizliyi Agentliyinə ötürülməsini tələb edir. Ona görə də mövcud qanunlarda baytarlıq və fitosanitar xidmətlərin təşkili, onların hüquq və vəzifələri, bu xidmətlərin nəzarət funksiyalarını əks etdirən bir çox maddələr ləğv olunur və ya yeni redaksiyada verilir, yeni bəndlər əlavə olunur, anlayışlarda və cümlələrdə müvafiq dəyişikliklər edilir.
“Yeyinti məhsulları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində isə yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı minimum tələblərin müəyyən edilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən, o cümlədən qida məhsullarının istehsalı və idxalı ilə məşğul olan subyektlərin dövlət qeydiyyatından keçirilməsi, ixrac olunan mallara qida təhlükəsizliyi sertifikatının, yaxud idxalçı ölkələrin tələbi əsasında baytarlıq və fitosanitar sertifikatlarının, verilməsi, yeyinti məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanması və təsdiqi, yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarının vahid orqan tərəfindən həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi və sairlər nəzərdə tutulur.
Onu da nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixl fərmanına uyğun olaraq Qida təhlükəsizliyi haqqında qanun layihəsi hazırlanıb və yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq. Bu qanun layihəsində Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı bütün məsələlər daha ətraflı əks olunacaqdır. Deputat həmkarlarımdan bu qanunun lehinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. 3 qanundur, yazılanlar var. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən “Baytarlıq haqqında” Qanuna edilmiş dəyişikliklərə öz münasibətimi bildirmək istəyirəm. Əlbəttə ki, qanuna edilmiş dəyişikliklər çox vacibdir, əhəmiyyətlidir və gözləniləndir. Bu sahədə görülən işlər də bizim hər birimizə məlumdur. Son dövrlər baytarlıq xidmətinin yaxşılaşdırılması, bu sahədə müəyyən tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olub. Ancaq çox ciddi səhvlər və çatışmazlıqlar var ki, bunlar da real vəziyyətlə əlaqədardır. Belə ki, bu gün ölkədə baytarlıq sahəsində mütəxəssislərin çatışmazlığı hökm sürür. Kolxoz və sovxozların dağılmasından sonra bu peşəyə, bu sahəyə diqqət xeyli zəifləyib, bu gün ölkədə öz işini mükəmməl bilən mütəxəssislərə çox ciddi ehtiyac var.
Digər tərəfdən əhali arasında baytarlıqla bağlı maarifləndirmə işləri günün tələbləri səviyyəsinə cavab vermir. Bilirsiniz, müəyyən dövrlərdə fəsillərin dəyişməsi ilə əlaqədar istər heyvanlar arasında, istərsə də quşlar arasında kütləv tələfat baş verir ki, bunun da səbəbi çox vaxt əhaliyə aydın olmur. Yaxşı olar ki, fəsillərin dəyişməsi ilə əlaqədar baytarlıq xidməti orqanları əhali arasında kütləvi izahat işlərinə lazımi əhəmiyyət versinlər. Bizim kütləvi informasiya vasitələrində, televiziya kanallarında müntəzəm çıxışlar olsun. Bu görünmür. Bir də görürsən ki, xeyli miqdarda quş tələf oldu, ya iribuynuzlu kiçik heyvanlar tələf oldular. Bunun səbəblərini insanlar araşdırmırlar. Başqa ölkələrdə olduğu kimi, bizdə də müəyyən təcrübə var. Bu təcrübədən istifadə edib istər heyvandarlıq fermalarında, istərsə də quşçuluq müəssisələrində açıq söhbətlərin aparılması, orada baş verən xəstəliklərin səbəblərinin aradan qaldırılması yollarının insanlara izah olunması çox vacib olardı.
Digər tərəfdən mən bir məsələyə də münasibət bildirmək istəyirəm. Çox vaxt mənşəyi məlum olmayan heyvandarlıq məhsulları satışa çıxarılır. Bunlar televiziyada da göstərilir, müəyyən informasiya vasitələrində də verilir. Bu, insanlar arasında qorxu və təlaş yaradır. Bəzən o heyvanların cəmdəklərini də göstərirlər, insanlar başqa ətləri də almaq istəmirlər. Lakin çox təəssüflər olsun ki, bu, göstərilməlidir, vacibdir. Sadəcə, bu hallara yol verən insanlar haqqında hansı tədbirlər görülür, bunlar aşkar olunmur. Yaxşı olar ki, əgər belə hallar varsa, az bir müddətdən sonra, 1 aydan, 2 aydan sonra bu insanlar haqqında hansı tədbirlər görülübsə, onlar barədə istər baytarlıq mütəxəssisləri, istərsə də müvafiq orqanların nümayəndələri əhaliyə məlumat versinlər. Yəni filan tarixdə televiziyada filan veriliş verilmişdi, orada mənşəyi məlum olmayan bu qədər ət tutulmuşdu və bu əməli törədən şəxslər barədə bu tədbirlər görüldü. Onda insanlarda müəyyən rahatçılıq olar.
Digər bir məsələ. Mən kiçik heyvanların kəsilməsinə öz münasibətimi bildirmək istəyirəm. Düzü, bu çox acınacaqlı bir haldır ki, bu gün kütləvi halda kiçik heyvanların kəsilməsinə yol verilir. Xeyli miqdarda 6–7 kiloqramlıq quzuların, 50–60 kiloqramlıq buzovların gətirilməsi, bunların kəsilməsi yolverilməzdir. Bəziləri elə bilirlər ki, bu, insanların sağlamlığı üçün vacibdir. Ancaq mən bunu belə hesab etmirəm. Çünki bu heyvanlar öz ətini tutmalıdır, bunlar yetişməlidir. Bu bizim heyvandarlığa bilirsiniz, nə qədər ziyan vurur? İndi bizim Qida Təhlükəsizliyi Agentliyi yaranıb. Bu agentlik həmin məsələ ilə əlaqədar müəyyən standartlar tətbiq etməlidir. Belə hallar aradan qaldırılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, hörmətli Ziyafət müəllim. Mən, əvvəla, Eldar müəllimə təşəkkür edirəm ki, onun komitəsi həmişə qida təhlükəsizliyi ilə bağlı çox yaxşı qanun layihələri ilə çıxış edibdir. Cənab Prezidentin də qeyri-neft sektorunun inkişafı ilə bağlı, kənd təsərrüfatı ilə bağlı atdığı addımlar artıq ölkədə qeyri-neft sektorunun prioritet bir sahəyə çevrilməsinə, ərzaq təhlükəsizliyimizin xeyli dərəcədə təmin olunması üçün böyük bir meydanın verilməsinə gətirib çıxaracaqdır.
Mən bir başqa məsələyə toxunmaq istəyirəm. Xüsusən bayramqabağı bahalaşmalarla bağlı olaraq bu məsələ nəzarətə götürülməlidir. İndi qarşıdan Novruz bayramı gəlir. Bizim adət-ənənəmizə uyğun olaraq başqa bayramlarda olmasa da, bu bayramda hər kəs süfrəsini zəngin saxlamağa çalışır. Bizdə bu qədər qeyri-neft məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı artdığı üçün bazarda qiymətlər enməlidir. Çünki daxildə istehsal çoxdur. İstehlakçılar artıq daxili bazardan bir şey alırlarsa, xaricə nisbətən təbii ki, daha ucuz qiymətə alırlar. Ucuzlaşma əvəzinə bahalaşmanın olması açıq bir məsələdir. Mən hesab edirəm ki, müvafiq icra strukturları yenə monopolistlərə qarşı mübarizədə güclərini birləşdirməlidirlər. Bayaq Eldar müəllim çıxış etdi, dedi ki, tarladan süfrəyə bir mexanizm, qida zənciri vardır. Amma tarladan bazara, bazardan da istehlakçı süfrəsinə qədər gedən yoldakı maneələri aşmaq üçün tədbirlər görülməlidir ki, istehsal edənlərin birbaşa bazara çıxmaq imkanları olsun. Arada vasitəçilik edənlər qiymətlərə təsir edə bilməsinlər. Süni şəkildə qiymətləri qaldırmasınlar. Ola bilər, bu bir az bəsit məsələ kimi görünsün. Amma aztəminatlı ailələr üçün bu çox mühüm məsələdir. Bayram ərəfəsində qiymətlər qalxır və bir daha düşmür. Mən hesab edirəm ki, qəbul olunan qərarlar çox mütərəqqi, əhalinin, əsasən, aztəminatlı hissəsinin əhvalına müsbət təsir edən qərarlardır. Amma bunun icrası üçün, xüsusən süni şəkildə bahalaşmanın qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi də vacib şərtdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Mən də Eldar müəllimə çox vacib məqamların təqdimatı üçün təşəkkür edirəm. İndi yeyinti məhsullarının keyfiyyəti çox aktual olduğuna görə bəzi məqamları qeyd etmək istərdim. Azərbaycanda bilirsiniz ki, artıq qeyri-neft sektoru prioritet təşkil edir. Bu 2 istiqamət də çox inkişaf etməlidir. Biri import etdiyimiz məhsulların Azərbaycanda istehsalı, ikincisi isə qeyri-neft sektorunun eksport potensialının artırılması. İndi Eldar müəllimin təqdim etdiyi məsələlər, o cümlədən bugünkü gündəliyə daxil olan standartlaşdırma ilə bağlı qanunun qəbul edilməsi, texniki tənzimliklə bağlı qanunun qəbul edilməsi, – Eldar müəllimin də qeyd etdiyi kimi, qida təhlükəsizliyi ilə bağlı qanun da artıq hazırlanır, – bu istiqamətdə hesab edirəm ki, hüquqi bazanın möhkəmləndirilməsi üçün çox vacib məsələlərdir.
Son illərin statistikasına baxsaq, artıq kənd təsərrüfatı məhsulları qeyri-neft sektorunun ixracının haradasa üçdə birini təşkil edir. Hesab edirəm ki, bu, son göstərici deyil. Ərzaq xarakterli məhsulların Azərbaycanda ixracını qat-qat artırmaq olar. Amma bunun vacib şərtlərindən biri həmin məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılmasıdır. Bu baxımdan məsələyə yaxınlaşanda təqdim olunan “Yeyinti məhsulları haqqında” Qanundakı dəyişikliklər, onun 6-cı maddəsi çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, burada ümumi sertifikatlaşdırmadan əlavə ərzaq məhsullarına da sertifikatlaşdırmanın tətbiqi ərzaq məhsullarının xarici bazarlara, xüsusilə də Avropa bazarlarına çıxması üçün yeni imkanlar və şəraitlər yaradacaq. Bu nöqteyi-nəzərdən 6-cı maddəni çox müsbət qiymətləndirirəm, vacib hesab edirəm. Amma eyni zamanda, məhsulun keyfiyyəti ilə bağlı maddə burada dəyişdirilir və yeyinti məhsullarının keyfiyyəti, yeyinti məhsullarının minimum keyfiyyəti göstəricisi ilə əvəz edilir. Burada birbaşa keyfiyyətə böyük bir diqqət etdiyimiz bir zamanda 1 addım irəli, 2 addım geri getməyə lüzum görmürəm. Ona görə də hesab edirəm ki, bu tərifdən başlayaraq düzəlişlərə ehtiyac var. Yəni orada, birinci, əsas anlayışlarda “yeyinti məhsullarının keyfiyyəti” anlayışı yarımçıq xarakter daşıyır. Əgər yeyinti məhsullarının keyfiyyətindən söhbət gedirsə, yeyinti məhsullarının keyfiyyəti məhsulun öz təyinatına uyğun surətdə müəyyən tələblərin ödənilməsi üçün onun faydalılığını şərtləndirən xassələrin məcmusudur. Belə təklif olanda hesab edirəm ki, xeyli dərəcədə məsələlərin həllini yüngülləşdirir. Keyfiyyət var, minimum keyfiyyət nədən ibarətdir, bu, bir o qədər aydın məsələ deyil. Çünki biz maksimum keyfiyyətə doğru hərəkət etməliyik, minimum keyfiyyətə doğru hərəkət etməməliyik. Bu baxımdan diqqət çəkən məqamdır. Buna diqqət etməyə dəyər.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
İkinci məsələ ondan ibarətdir ki, yeyinti məhsullarının minimum keyfiyyətində, Oqtay müəllim, “arqanaleptik” ifadəsi düzgün yazılmayıb. Necə deyilirsə, elə yazılıb. Orada “a” yox, “o” olmalıdır. “Orqanoleptik” ifadəsi, çox hörmətli millət vəkilləri, keyfiyyətin müəyyən edilməsinin üsuludur, keyfiyyətin xüsusiyyəti deyil. Burada xeyli dərəcədə qarışıqlıqlar var. Ona görə də həmin məsələlərə diqqət etmək çox vacibdir. Çünk biz əgər qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, onun xaricə daha çox məhsul çıxarmasına nail olmaq istəyiriksə, minimum keyfiyyətdən deyil, maksimum keyfiyyətdən, rəqabət qabiliyyətinin artırılmasından danışmalıyıq. Ona görə də əgər belə bir minimum keyfiyyət anlayışı qəbul edilsə, o, məhsulların keyfiyyətinə mənfi təsir göstərəcək. Xüsusən də əgər balığın keyfiyyətindən söhbət gedirsə, bu, bilavasitə insanların orqanizminin və sağlamlığının təhlükəsizliyi məsələsidir. Bir də həmin “orqanoleptik” ifadəsindən əlavə burada “fiziki xüsusiyyətlər və kimyəvi xüsusiyyətlər” yazılıb. Fiziki xüsusiyyətlər başqa bir şeydir, kimyəvi xüsusiyyətlər tamamilə başqa bir şeydir. Orada “fiziki və ya” yazmaq hesab edirəm ki, düz deyil. Ona görə ki “və ya” deyəndə bu, eyniləşdirilir. Xahiş edirəm, keyfiyyətə maksimum yanaşmanın təmin edilməsi istiqamətində dəyişikliklər olunması məsələsinə diqqət yetirilsin. Diqqətinizə görə hamıya təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, Siz bilirsiniz ki, bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yarandı. Onun rəhbəri hörmətli Qoşqar Təhməzli də buradadır. Ona biz imkan verək, təzə yaranmış təşkilat işinə başlasın, işini göstərsin, keyfiyyət məsələsindən sonra danışarıq. Razısınız bununla?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hikmət Məmmədov buyursun.
H.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi çox yaxşı hazırlanıb. Eldar müəllimə təşəkkür edirik ki, belə bir qanun layihəsi hazırlayıbdır. Sadəcə, qanunun dili baxımından mənim qısa təklifim olacaqdır.
12-ci maddənin 8-ci bəndində “heyvanların dayanacaq və suvarılma yerləri, köç yolları, otlaq və örüş əraziləri” adlı başlıq var. Heyvanların dayanacaq yeri olmur, “dayanacaq” sözünün semantik mənası başqadır, bunu hamımız bilirik. Heyvanların dayanacaq yerinə biz “yataq” deyirik və “yataq” sözü müstəqil leksik vahiddir və semantik mənası da hamımıza bəllidir. Mümkündürsə, xahiş edək, “dayanacaq” sözünü “yataq” sözü ilə dəyişsinlər.
Sonra, 14.5-ci maddədə “insanların qidalanması və heyvanların yemləndirilməsi” ifadəsi var. Yemləndirmə odur ki, biz əlimizlə tutub nə isə yedizdiririk. Amma heyvanlar özləri yemlənirlər, ona görə də “insanların qidalanması və heyvanların yemlənməsi” kimi yazılsa, düşünürəm ki, qanunauyğunluq baxımından da doğru ifadə işlətmiş olarıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Naqif Həmzəyev.
N.Həmzəyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihələrini biz dəstəkləyirik. Mən də, təbii ki, müsbət rəyimi bildirəcəyəm. Burada aqrar sahədə kadrların hazırlanması məsələsi vurğulandı. Bu məsələ ilə bağlı qısaca öz münasibətimi bildirmək istəyirəm. Xatırlayırsınızsa, bir il bundan öncə də mən bu məsələ haqqında danışmışdım. Azərbaycanda yeganə aqrar kadr hazırlayan ali təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universitetidir. Möhtərəm cənab Prezidentimizin diqqət və qayğısı nəticəsində Aqrar Universitetdə maddi-texniki baza çox yaxşı vəziyyətdədir. Azərbaycanda ilk tələbə yataqxanaları da Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılıbdır. Lakin ən böyük problemimiz Aqrar Universitetin təcrübə torpağının olmamasıdır. Gəncə şəhərində təyinatı üzrə kənd təsərrüfatı torpaqları yoxdur və Aqrar Universitetdə də bu torpağın mövcud olmaması təbii ki, kadr hazırlığında müəyyən problemlər yaradır. Buradan bir daha xahiş edirəm, mümkünsə, bu məsələni bizim hörmətli Eldar müəllim və hörmətli cənab Sədr, Siz də aidiyyəti qurumlar qarşısında qaldırasınız. Bu gün bizim neft sektorundan başqa digər üstünlük verdiyimiz əsas məsələ aqrar sahənin inkişafıdır. Gələcək üçün, aqrar kadrların hazırlanması üçün biz mütləq bu məsələnin həllinə çalışmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Eldar müəllim, burada 14.1-ci maddədə “identikləşdirmə” ifadəsi işlədilib. Mənim yadıma gəlir, biz daxili işlər orqanlarında şəxsiyyətin eyniləşdirilməsi ilə bağlı qanun qəbul eləmişdik. Orada “eyniləşdirmə” gedir. Bu “identikləşdirmə” burada nə məna verir? Bunun Azərbaycan dilində qarşılığı var da. Mən bilmirəm, burada mütəxəssislər var, yoxdur, amma onu nə üçün yazıblar, mən bilmirəm. Yəni “identikləşdirmə” eyni ilə “eyniləşdirmə” deməkdir. Bunun başqa adı yoxdur. Buraya əlavə bu sözü salmaq və dili xarici sözlərlə yükləmək hesab edirəm, düzgün deyil. Ona bir də baxarsınız, xahiş edirəm.
Sədrlik edən. Eldar müəllim, bir neçə məsələ deyildi. Buyurun, fikrinizi bildirin.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım. Təklif verənlərə dərin təşəkkürümü bildirirəm. Bəli, bu qanunlarda müəyyən ziddiyyətlər var. Bunlar Prezident Aparatından gəlib. Mən çıxışımda da dedim, nəzarət funksiyası agentliyə aid olmalıdır, qalan məsələlər isə Kənd Təsərrüfatı Nazirliyinə. Onların əsasnamələrində də düzəlişlər getməlidir. Bu əsasnamələrə əlavələr olmalıdır. Mən heç də təsadüfi demədim ki, qanun hazırlanır. Qanunda yəqin ki, bu nöqsanların hamısı öz əksini tapacaq.
Hikmət müəllim dedi, misal üçün, burada dayanacaq gedir, yəni yataq olmalıdır. Heyvanlarda yataq olur, dayanacaq olmur. Dayanacaq avtomaşında olur. Belə terminlər var, Prezident Aparatından gəlib. Yenə deyirəm, bunlar müzakirə zamanı da ortalığa çıxdı. Siz deyən məsələ də o yöndədir, Ziyafət müəllim. Biz bunları bu qanunda etmədik ki, Prezident Aparatından gəlib, bunlar qəbul olunsun, dəyişikliklərdir. Amma bir şey var ki, biz qanun qəbul edəcəyik, gələcəkdə o qanunda o nöqsanlar hamısı nəzərdə tutulacaqdır. O ki qaldı ətin bayramla əlaqədar baha satılmasına, bununla əlaqədar agentlik yaradılıb ki, nəzarət hüququ olsun. Birbaşa bu işlə məşğul olsun və bu məsələləri həyata keçirsin. Bunların da əsasnamələri hazırdır, təsdiq edilib. Yəqin ki, gələcəkdə qanun qəbul ediləndə o əsasnamədə burada ortalığa çıxan müəyyən fikirlər, təkliflər nəzərə alınacaqdır. Mən hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin 9-cu məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Gündəliyin 10-cu məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Gündəliyin 11-ci məsələsi “Standartlaşdırma haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Oqtay müəllim, Eldar müəllim kifayət qədər danışdı. Bizim qanunda da həmin dəyişikliklərdir. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Mən əvvəl 3 məsələni demişdim. Əgər əlavələr yoxdursa, xahiş edirəm, 11-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
12-ci məsələ. Əhliman müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişikliklər də bu qəbildən olan dəyişikliklərdir. Qida Təhlükəsizliyi Agentliyinin yaranması ilə bağlı sanitariya-epidemioloji nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətindən ayrılaraq Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə verilir. Burada “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna xeyli dəyişiklik olunur. Əgər istəsəniz, bunları oxumaq olar. Bütövlükdə isə əsas məsələ nəzarət funksiyasının Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
13-cü məsələ Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bu düzəliş texniki xarakter daşıyır. Belə ki, 2017-ci ilin oktyabr ayında Miqrasiya Məcəlləsinə dəyişiklik edilərkən məcəllənin 65.0.5-ci maddəsi ləğv edilmişdi. Amma həmin maddəyə digər bir maddədə yenidən istinad edildiyi üçün onun məcəllədən çıxarılmasına ehtiyac var. Layihənin mahiyyəti bundan ibarətdir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ də bir zərfdə gəlib. “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, hər iki layihə ilə bağlı sizə geniş əsaslandırma təqdim olunub. Layihənin mənası ondan ibarətdir ki, hazırda bizdə qanunvericilikdə ancaq beynəlxalq yükdaşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur. Amma ölkədaxili, yəni şəhərlərarası və rayonlararası sərnişin və yükdaşımalar ilə bağlı məsuliyyət növü mövcud deyildi. Qanun həm bu məqsədi nəzərdə tutur, həm də çox vacib bir məsələnin məcburiliyini ehtiva edir. Belə ki, söhbət topoqrafların təyinatından gedir. Bu həmin o cihazdır ki, hərəkət edən avtomobil ilə bağlı, yük avtomobili ilə bağlı bütün məlumatları özündə əks etdirir.
Təqdim olunan hər iki qanun layihəsində dəyişiklik həm sərnişin, həm də yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən törədilə biləcək qəza hadisələrinin qarşısını almaqla, ümumiyyətlə, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması ilə bağlıdır. Mən o məlumatları oxumaq istəmirəm. Amma əsaslandırmada indiyə qədər bu sahədə nə qədər ağır yol nəqliyyat hadisələrinin baş verməsi göstərilib. Topoqraflar yoxdur və beynəlxalq yükdaşımalar ilə yanaşı, şəhərdaxili, rayonlararası sərnişin və yükdaşımalarında topoqrafların olmaması ilə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Beləliklə, “Yol hərəkəti haqqında” Qanun həm də bu yeniliyi özündə ehtiva edir. İnzibati Xətalar Məcəlləsi isə onların tətbiq olunmaması ilə bağlı məsuliyyəti, yəni cərimə formasında həm fiziki şəxslər, həm hüquqi şəxslər, həm də vəzifəli şəxslər ilə bağlı sanksiyaları müəyyən edir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Hesab edirəm ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər çox mühüm və aktualdır. Məsələn, birinci, “Əsas anlayışlar” maddəsində “piyadalar” sözünün əlavə edilməsi. Biz bilirik ki, bir çox hallarda qəzalar piyadaların yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən deyil, qadağan olunmuş yerlərdən keçirlər və bu, bir çox hallarda faciəvi qəzalara səbəb olur.
Bu günlərdə əfv komissiyasının iclası keçirilmişdi və inanın ki, əfv ərizələrinin böyük əksəriyyətini piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edirdi. Təsəvvür etsəniz ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur, onda bu faciələrin miqyasını anlamaq elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir. Digər tərəfdən bu dəyişikliklərdə müsbət məqam yük avtomobilləri və avtobusların nəzarət qurğusu, yəni topoqraf ilə bağlıdır. Bu çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığını qorumaq vəzifəsini daşıyacaqdır.
Bir məsələni də istəyirəm, nəzərinizə çatdıram. “Yol hərəkəti haqqında” Qanuna bir mühüm dəyişiklik etmək də yerinə düşərdi. Bildiyiniz kimi, son zamanlar yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq, sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşatmaqdadır. Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişindaşıma şirkətlərinin maşınlarını idarə edən şəxslər avtobusları bəzən sürücülük vəsiqəsi olmadan idarə edirlər. Məncə, belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insanın həyatından söz gedir. Biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir. Bununla əlaqədar “Yol hərəkəti haqqında” Qanuna xüsusi dəyişiklik də edə bilərik.
Eyni zamanda, sərnişinlər tərəfindən sürücülərə qarşı edilən kobudluq və zorakılıq aktları da çoxalmaqdadır. Biz efirdən, mətbuatdan tez-tez belə halların şahidi oluruq. Bu barədə də “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci, “Sərnişinlərin əsas vəzifəsi” maddəsində boşluqlar var. Bu maddəyə belə halların aradan qaldırılması üçün sərnişinlərin davranış qaydaları haqqında mütləq bir sıra əlavələr edilməlidir. Ümumilikdə isə bu gün edilən dəyişiklikləri yüksək qiymətləndirirəm və onların lehinə səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Aydındır. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
İnzibati Xətalar Məcəlləsinə də münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 85
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, təbii ki, belə bir yubiley medalının təsis olunması da təsadüfi deyil. Bütün bu yubiley medalları cümhuriyyətimizin 100 illiyi ərəfəsindədir. Bilirsiniz, 1918-ci ildə Xalq Cümhuriyyətinin yaratdığı nazirliklərdən biri də Yollar, poçt və teleqraf nazirliyi olmuşdur. Məhz həmin dövrdən bu yüzillik hesablanır. Bu baxımdan belə bir medalın təsis olunması təqdirəlayiqdir. Bu medalın gələcəkdə Azərbaycan yollarının infrastruktur inkişafında xüsusi xidmətləri olacaq şəxslərə verilməsi nəzərdə tutulur. Təbii ki, medal özündə həm indiyə qədər mövcud orden və medallarda istifadə olunan milli atributları, həm də ümumiyyətlə, yollarla bağlı, infrastrukturla bağlı işarələri ehtiva edir. Hesab edirəm ki, cümhuriyyətimizin 100 illiyi ərəfəsində belə bir yubiley medalının təsis olunması təqdirəlayiqdir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Təklif var, qəbul edək. Buyurun, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanmışdır. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Aydındır. Təklif var, qəbul edək. Buyurun, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur
Yetərsay yoxdur. Xahiş edirəm, səsvermədə diqqətli olaq. Bir də səs verək.
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Standartlaşdırma haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Artıq mən Oqtay müəllimə məlumat vermişdim ki, sonrakı qanun layihəsi də bununla sıx əlaqədar olduğu üçün, bir-birlərini tamamlayan qanun layihələri olduğu üçün onların bir yerdə müzakirəsinə ehtiyac var.
Sədrlik edən. Bunlar bir-birini nə qədər tamamlasa da, hər halda ayrı-ayrı qanun layihələridir, birinci oxunuşdur. Ona görə, xahiş edirəm, ayrı-ayrı müzakirə edək.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, artıq mən əvvəlki qanunların müzakirəsi zamanı demişdim ki, Azərbaycanın keyfiyyətli və dayanıqlı inkişafını təmin edən amillərdən biri standartlaşdırma və texniki tənzimləmə məsələsidir. Çünki qloballaşan dünya iqtisadiyyatında baş verən proseslər obyektiv olaraq zəruri edir ki, dünyanın bütün ölkələrində standartlaşdırma haqqında qanunlar müasir tələblərə cavab versinlər. Cənab Prezidentin bu barədə kifayət qədər göstərişləri və xüsusi fərmanı var. Bu məqsədlərə nail olmaq üçün keyfiyyət infrastrukturunun əsasını təşkil edən Standartlaşdırma haqqında qanunun sistemli təkmilləşməsinə ehtiyac var. Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli fərmanının 1.1-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə beynəlxalq təcrübəni nəzərə almaqla “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilmişdi. Həmin fərmanın ikinci bəndində Standartlaşdırma haqqında yeni qanun layihəsi hazırlanarkən məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşmaya, etiketləşməyə, terminologiyaya dair tələblərin, texniki reqlamentlərlə məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin və standartların müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin onların aşağı, orta və yüksək risk qrupları üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi, yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşmasının məcburi olması meyarlarının nəzərə alınması tapşırılmışdı. Məlum olduğu kimi, standartlaşdırma sahəsində, eyni zamanda, institusional islahatlar aparılmışdı.
Ötən il cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu təkmilləşdirilmişdir. Tabeliyində aidiyyəti sahələr üzrə yuxarıda adlarını çəkdiyim publik hüquqi şəxs statuslu qurumlar yaradılmışdır. Standartlaşdırma haqqında yeni qanunun məqsədi Azərbaycan Respublikasının müasir standartlaşdırma sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaratmaq və beynəlxalq ticarətdə lüzumsuz texniki maneələri aradan qaldırmaq, daxili və xarici bazarda rəqabət davamlılığını artırmaq məqsədi ilə məhsulları, prosesləri və xidmətləri təkmilləşdirmək, məhsullarda və onların ehtiyat hissələrində olan müxtəlifliklərin aradan qaldırılması və onların qarşılıqlı əvəz olunmasını təmin etməklə resurslara qənaət etmək və məhsullara çəkilən istehsal xərclərini azaltmaq və Azərbaycan Respublikasının standartlaşdırma sistemini beynəlxalq və regional standartlaşdırma sisteminə uyğunlaşdırmaqdır. Standartlaşdırma haqqında qanun layihəsi Azərbaycan Respublikasının standartlaşdırma sisteminin əsas məqsəd və prinsiplərini, Azərbaycan milli standartlarının hazırlanmasını, qəbulu və tətbiqi qaydalarını, standartlaşdırma orqanının fəaliyyətinin əsas istiqamətlərini, standartlaşdırma fəaliyyətlərinin maliyyələşmə mənbələrini müəyyən edir.
Məlumat üçün bildirmək istəyirəm ki, “Standartlaşdırma haqqında” Qanun artıq 1996-cı ildə qəbul edilmişdi. Ötən illər ərzində Standartlaşdırma Komitəsinin bilavasitə fəallığı ilə Azərbaycan iqtisadiyyatının keyfiyyət göstəriciləri xeyli yaxşılaşmışdı. Bununla bərabər qeyd etmək lazımdır ki, ötən illər ərzində dünya iqtisadiyyatında elmi-texniki tərəqqidə, nəzarət sistemində bir çox dəyişikliklər əmələ gəlmişdi ki, hazırda yeni qanuna ehtiyac yaranmışdır. Hazırda Azərbaycanda 22 minə yaxın standart qüvvədədir. Buraya beynəlxalq standartlar, böyük həcmli regional standartlar və milli standartlar daxildir. Son dövrdə standartların qəbulunda da, standartlaşdırmanın həyata keçirilməsində də məhz beynəlxalq standartlardan daha çox istifadə olunmasına üstünlük verilmişdir. Azərbaycan məhsullarının beynəlxalq ticarətdə sərbəst dövriyyəsinin təmin edilməsi, daxili və xarici bazarda rəqabət davamlılığını artırmaq, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələri aradan qaldırmaq və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üçün bir sıra tədbirlərin görülməsi, milli maraqlar da nəzərə alınmaqla beynəlxalq ticarət təşkilatlarının tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşdırma və texniki tənzimləmə sistemlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması təklif olunur. Biz bu kimi təkliflər və tələblərlə hazırda Azərbaycanın ixrac potensialının artırılması ilə əlaqədar olaraq bir sıra hallarda üzləşirik.
Qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Eyni zamanda, Azərbaycanın 2013–2015-ci illərdə icra olunan müasir standartlaşdırma məqsədləri də qanun layihəsində açıqlanmışdır. Qanunun 5 maddədən ibarət olan 1-ci fəslində Əsas anlayışlarda qanunun tətbiq dairəsi, standartlaşdırmanın məqsədləri və prinsipləri, standartlaşdırma sahəsində dövlət siyasəti məsələləri şərh edilir. Standartlaşdırma sahəsində sənədlər və onların tərtibi, standartlaşdırma işlərinin aparılması məqsədi ilə planlaşdırma, dövlət standartları, ilkin dövlət standartları, texniki şərtlər, milli standartlaşdırma qrupu tərəfindən qəbul edilmiş standartlaşdırma üzrə normativ sənədlərin dövlət qeydiyyatı, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması və tətbiqi ilə bağlı özünü əks etdirən maddələr 3-cü fəsildə əks etdirilir. Standartlaşdırma subyektləri və onlara tələblər barədə qanun layihəsinin 4-cü fəslində danışılır.
Beynəlxalq standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığın mahiyyəti, tənzimlənməsi ilə bağlı maddələr də qanun layihəsində öz əksini tapmışdır. Standartlaşdırma orqanının müvafiq beynəlxalq təşkilatlara üzvlülüyü, digər dövlətlərin milli standartlaşdırma orqanları ilə informasiya, təcrübə mübadiləsi və milli standartların uyğunlaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və ikitərəfli sazişlərin bağlanması nəticəsində Azərbaycanın beynəlxalq və regional standartlar əsasında hazırlanmış milli standartlara uyğun yerli məhsulları xarici ölkələrin bazarlarına daha rahat çıxış imkanı yaradacaq. Beynəlxalq standartlaşdırma uyğunluq, şəffaflıq, konsensus, könüllülük, qərəzsizlik və səmərəlilik prinsiplərinə əsaslanır. Bu məsələlər də qanun layihəsində konkret olaraq işıqlandırılır. Bu prinsiplərə əsasən dövlət qurumları kiçik və orta sahibkarların milli və beynəlxalq standartlaşdırma prosesinə cəlb olunması üçün mühüm əhəmiyyət daşıyır. Qanunun qəbulu nəticəsində aşağıdakılar gözlənilir. Standartlaşdırmanın bütün hallarda könüllü xarakter daşıması, Azərbaycan Respublikasının dünya iqtisadiyyatına və beynəlxalq standartlaşdırma sisteminə bərabərhüquqlu tərəfdaş kimi inteqrasiya olunmasına dəstək verilməsi, ölkənin iqtisadi, ekoloji, elmi, texniki və texnoloji təhlükəsizliyinin təmin olunması, yerli məhsulların, iş və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsi, insanların sağlamlığının, həyat və əmlakının, heyvanların, bitkilərin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi, fövqəladə hallarda əhalinin həyat təminatı sisteminin inkişafına dəstək göstərilməsi, istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasının təmin edilməsi, standartlaşdırma sahəsində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməs yerli mütəxəssislərin və standartlaşdırma üzrə milli, texniki komitə üzvlərinin iştirakı ilə beynəlxalq və regional standartların hazırlanması prosesinin əlaqələndirilməsinə imkan yaradacaqdır.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Məlumat üçün bildirmək istəyirəm ki, qanun layihəsi Milli Məclisin müvafiq komitəsində ətraflı müzakirə olunmuşdur. Standartlaşdırma komitəsinin rəhbər işçilərinin bilavasitə iştirakı ilə kifayət qədər işgüzar şəraitdə keçən müzakirədə qanun layihəsi konseptual baxımdan müsbət qiymətləndirilmiş, bir sıra nöqsanların mövcudluğu da qeyd olunmuşdur. Hesab edirik ki, birinci oxunuşdan sonra Milli Məclis qəbul edərsə, işçi qrupu yaradılsın. İşçi qrupu qısa zaman kəsiyində bu qanun layihəsi ilə əlaqədar olaraq hələlik razılaşdırmadığımız məsələlərə müsbət münasibət bildirməyə imkan yaradacaqdır. Ona görə millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm. Mən, hörmətli Oqtay müəllim, Texniki tənzimləmə haqqında qanun layihəsi də bu qanunla bilavasitə əlaqədar olduğuna görə təklif etdim ki, bir yerdə olsun. İcazə versəydiniz, mən bu qanun layihəsi barədə də məlumat verərdim və müzakirələr bir yerdə aparılardı.
Sədrlik edən. Xeyr, Ziyad müəllim, bu, ayrı qanun layihəsidir, sonra ayrıca deyərsiniz.
Hörmətli millət vəkilləri, bu, qanun layihəsinin birinci oxunuşudur. Xahiş edirəm, çıxışlarda konseptual yanaşma göstərək. İki qanun layihəsi qalıb, ona görə, etiraz eləmirsinizsə, tənəffüssüz keçirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Standartlaşdırma haqqında qanun layihəsi və digər qanun layihəsi hazırkı dövrdə məhsulların keyfiyyətinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin artırılması və dünya bazarlarına çıxmaq üçün milli standartların işlənib hazırlanması nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Bu qanun standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu, tətbiqi fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir. Hesab edirik ki, qanunun konsepsiyası kifayət qədər düzgün qurulub. Burada standartlaşdırma sahəsində dövlətin siyasətinə də bilavasitə düzgün yanaşma öz əksini tapıb. Ölkədə mütərəqqi standartların qəbul edilməsinin təmin edilməsi və sair istiqamətlərdə işlər görülür. Eyni zamanda, bu işlərin genişləndirilməsi hüquqi baza əsasında üçillik milli standartlaşdırma əsasında həyata keçiriləcək ki, bu da, hesab edirəm, standartlaşdırma işinin daha da təkmilləşdirilməsi, onun proqram xarakterli tədbirlərlə bilavasitə əhatə etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Burada Azərbaycanın özünün dövlət standartlarında AZS nişanı ilə standartların verilməsi məsələsinə toxunulur. Standartlaşdırma üzrə dövlət fondunun yaradılması məsələsi də mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, hesab edirik ki, bir sıra məqamlara da diqqət yetirilməsi vacibdir. Bu məqamları hər iki qanunla bağlı demək olar. Amma indi standartlaşdırma haqqında söhbət getdiyinə görə, bu məsələləri bilavasitə nəzərinizə çatdırmaq istəyirəm.
Birinci sual. Bu qanunlar çox vacibdir. Amma bu qanunlarda kifayət qədər ziddiyyətli məqamlar var, həmin ziddiyyətli məqamları mütləq aradan qaldırmaq lazımdır. Aradan qaldırılmasa, bu qanun Azərbaycanda sözügedən istiqamətlərdə nə verə bilər? Bu, mühüm əhəmiyyət kəsb edən məsələdir.
İkinci, bu qanunun qəbulu bilavasitə istehsal olunan məhsulların keyfiyyətinə, rəqabət qabiliyyətinə təsiri baxımından təcrübədə nəyə gətirib çıxaracaq? Sonra, Azərbaycan məhsulları üzrə olan AZS-lə sovet dövründə olan keyfiyyət nişanının fərqi, ümumi cəhətləri və sair istiqamətində də, hesab edirəm, aydınlıq gətirilməsinə ehtiyac var. Bir də, bütün dünyada tətbiq olunan milli məhsulların ştrix məsələsinə də aydınlıq gətirilməsini vacib hesab edirəm. Konkret məqamlara toxunmaq üçün qeyd etmək istərdim ki, Oqtay müəllim, iki dəfə çıxış eləməyəcəyəm. Bir sual qaldı, onu da icazə versəniz, deyərəm. Bu qanunun şamil edildiyi məhsullara, onlarla əlaqədar proseslərə, istehsal metodlarına dair texniki reqlamentlər bu qanun qüvvəyə mindikdən sonra 7 il ərzində mərhələ ilə işlənib hazırlanır, qəbul edilir və dərc olunur. Üzr istəyirəm, bunu haşiyə kimi çıxdım, niyə 7 il? Bu sualı da ikinci qanun müzakirə olunan zaman qeyd etmək lazımdır.
Hesab edirəm ki, bu qanunun qəbul edilməsi istiqamətində güclü işlər görülərsə, Azərbaycanda qida məhsulları haqqında qanun da qəbul ediləndə ərzaq məhsullarının keyfiyyətinin artırılması, eyni zamanda, qeyri-ərzaq məhsullarının keyfiyyətinin artırılması istiqamətində biz irəli doğru ciddi addım atıb məhsullarımızın xeyli hissəsinin uyğunlaşma əsasında dünya bazarına çıxarılması, xüsusilə Avropa bazarına çıxarılması ətrafında iş görə bilərik. Bu kontekstdə yanaşanda hər bir ölkədə onun strateji xarakter daşıyan əsas məhsulu olur. Məsələn, Yaponiyada düyünün keyfiyyəti həmin ölkənin strateji məqsədlərində əsas rol oynayan amillərdən biridir. Bizdə də bu, çörəkdir. Hesab edirəm ki, bu gün çörəyin keyfiyyəti nə vəziyyətdədir, onu çoxları bilir. Bunu da strateji məqsəd kimi ortaya qoymaq lazımdır. Orada olan qatqılar, insan orqanizmi üçün xeyli dərəcədə ciddi problemlər yaradır. Bu məsələlərə hesab edirəm ki, həmin qanunlarda ciddi diqqət edilməlidir. Qeyri-ərzaq məhsullarına gəldikdə isə, hesab edirəm ki, ən vacib məsələlərdən biri tez-tez müraciət olunan məktəbli formalarının standartlara uyğun olmamasıdır. Məktəbli formalarının standartlara uyğun olmaması həmin uşağın sağlamlığına da ciddi surətdə təsir göstərir. Bu ciddi xarakter daşıyan məsələdir.
Üçüncü məsələ qeyri-ərzaq məhsullarından daha çox ziddiyyətlidir. Hər iki tərəfi deyəcəyəm. Benzinlə bağlı məsələdir. Məsələn, rəsmi yanaşmalar ondan ibarətdir ki, benzinin keyfiyyəti məsələsində, xüsusən “Avro-4”, “Avro-5” istiqamətində irəliyə doğru ciddi addımlar atılır. Mən bununla razıyam və benzinin keyfiyyətində hansısa problemlər varsa, köhnə maşınların problemləri ilə qarışdırılmamalıdır. Burada benzinin keyfiyyəti üçüncü amil kimi götürülür ki, qiymətlər dünya qiymətlərindən aşağıdır. Düzdür, dünyada benzinin qiyməti 1,1 dollardır, bizdə isə bundan aşağıdır. Amma irəliyə doğru atılmış bu müsbət addımların ətrafında hesab edirəm ki, həmin sahədəki mənfi məqamları gizlətmək deyil, onların aradan qaldırılması istiqamətində iş görmək lazımdır. Qatqıların qatılması çox asan məsələdir. Hansısa bir litrlik şüşəyə benzini töküb iki gün saxlayandan sonra haradasa onun 10–15 faizinin yox olması açıq formada göstərir ki, qatqılar qatılır. Sonra, keyfiyyətin aşağı olması həmin avtomobillərin tez sıradan çıxmasına, yaxud da 100 kilometr deyil, 70 kilometr getməsinə gətirib çıxarır. Bu da bilavasitə ailə büdcəsinə mənfi təsir göstərir. Qiymətə gəldikdə isə konkret rəqəmlərlə götürsək, inkişaf etmiş Avropa ölkələrində benzinin qiyməti 1 dollar və 1 dollardan yuxarıdır. Biz, əsasən, Rusiya və Qazaxıstanla müqayisə eləsək, baxıb görərik ki, Azərbaycanda dollara çevirəndə “Aİ-92” markalı benzin 53 sentdir, Rusiyada 61 sentdir, Qazaxıstanda isə 50 sentdir. Tarif Şurasına görə Rusiyada benzinin qiyməti Azərbaycandakından 26 faiz yuxarıdır, əmək haqqı da 2,1 dəfə yüksəkdir. Amma keyfiyyəti, qatqıları nəzərə alsaq, əslində, benzinin qiyməti bizdə daha baha başa gəlir. Qazaxıstana gəldikdə 6 faiz bizdən ucuzdur, amma əmək haqqı 1,5 dəfə yüksəkdir. Həmişə benzinin qiyməti qaldırılan zaman iki amil göstərilir. Birinci onun başqa ölkələrlə müqayisədə ucuz olması, ikinci isə keyfiyyətinin qaldırılması məsələsi. Əgər doğrudan da, keyfiyyətin qaldırılması istiqamətində addımlar atılırsa, onda heç kəs narazılıq etməz. Amma keyfiyyət eyni qalır, yaxud da aşağı düşürsə, onda qiymətlərin artırılması istiqamətində addımlar atılanda mənfi təsir göstərir.
Hesab edirəm ki, bu qanun da, o biri qanun da çox vacibdir. Onların sürətlə qəbul edilməsi Azərbaycanda standartlaşdırma işinin inkişaf etdirilməsinə, Azərbaycan məhsullarının standartlara uyğun olub, dünya bazarına daha çox məhsul çıxarılmasına böyük töhfə olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən deyirəm, konseptual danışın, sən dərinliklərə getdin. Mən səninlə razı deyiləm ki, bizdə strateji ərzaq çörəkdir. Mən deyirəm, strateji ərzaq həm də ətdir, həm də süddür. Bura Çin deyil. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1996-cı ildə “Standartlaşdırma haqqında” Qanun qəbul edilmişdi. Bu qanuna uyğun olaraq respublikamız indiyə qədər çoxlu sayda standartlar, qaydalar, normalar və digər texniki normativ sənədlər qəbul edib. O sənədlərdə ölkəmizin həmin dövrdə və sonrakı illər üçün inkişaf səviyyəsinə uyğun olaraq, əsasən, daxili bazara hesablanmış məhsulların keyfiyyət göstəricilərinin təmin edilməsi üçün yetərli normativlər və digər xüsusiyyətlər əks edilmişdi. Hazırda isə ölkəmiz öz inkişaf səviyyəsinə görə əvvəlki illərdən tamamilə fərqlənir. Belə ki, respublikamız bir çox beynəlxalq təşkilatlara, o cümlədən iqtisadi təşkilatlara üzv olmuş, qeyri-neft ixracının potensialı ildən-ilə artmış, daxili bazar istehsal hesabına daha yüksək səviyyə əldə etmişdir. Son illərdə ölkəmizdə müxtəlif məhsulların istehsalı üzrə sənaye və aqroparkların yaradılması, müasir tələblərə cavab verən, ən yeni texnika və texnologiya ilə təchiz edilmiş müəssisələrin, o cümlədən xarici investorların birgə yaratdığı müəssisələrin işə salınması, bu istiqamətdə işlərin sürətlə davam etdirilməsi standartlaşdırma məsələlərinə yenidən baxılmasını və onun hüquqi bazasının təkmilləşdirilməsini zəruri edir.
Digər tərəfdən qloballaşan dünya iqtisadiyyatına getdikcə daha dərindən inteqrasiya olunan respublikamızdan xarici ölkələrə, xüsusən Avropa ölkələrinə ixrac edilən məhsullar Avropa standartlarına uyğunlaşmanı tələb edir. Eyni zamanda, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün artıq bir neçə ildir ki, danışıqlar aparır. Bilirsiniz ki, bu təşkilata üzv olmaq istəyən ölkələrin qarşısında müəyyən tələblər qoyulur. Bununla əlaqədar da qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac yaranıb. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda qüvvədə olan “Standartlaşdırma haqqında” Qanun artıq bu günün və gələcəyin tələblərinə cavab vermir və bu məsələdə beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşma lazımdır. Hesab edirəm, Milli Məclisin müzakirəsinə təqdim olunan yeni qanun layihəs bu yanaşmanın bir başlanğıcı olacaqdır. Bu qanunun qəbul edilməsi, şübhəsiz ki, respublikamızda mövcud olan köhnə texniki-iqtisadi təsərrüfatçılıq sisteminin yenidən qurulmasını, Azərbaycan iqtisadiyyatı və texniki tənzimləməsinin idarə olunmasına yeni və sistemli yanaşmaya keçidi, habelə ticarətdə mövcud olan texniki maneələrin aradan qaldırılmasını təmin edəcəkdir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif ölkələr ticari, iqtisadi, elmi-texniki əməkdaşlığı müvəffəqiyyətlə həyata keçirirlər və burada beynəlxalq standartlar böyük əhəmiyyət kəsb edir. Çünki dünya bazarlarına təqdim olunan eyni məhsullar üçün milli standartların arasındakı fərqlər beynəlxalq ticarətin inkişaf yoluna maneələr törədir.
Beynəlxalq ticarətin və daxili bazarın mallarının, iş və xidmətlərin hərəkətində mövcud olan maneələrin aradan qaldırılması üçün hazırda qüvvədə olan “Standartlaşdırma haqqında” Qanun yetərli deyildir. Belə ki, həmin qanunun 6-cı maddəsinin ikinci hissəsində yalnız dövlət standartlarında məcburi və tövsiyə olunan tələblər nəzərdə tutulsa da, qəbul olunan standartlar hansı tələblərin məcburi, hansı tələblərin isə könüllü olmasını əks etdirmir. Burada istehsalçı ilə standartlara nəzarət edən orqanlar arasında çoxlu narazılıqlar və anlaşılmazlıqlar yaranır. Digər tərəfdən dövlət standartları istehsalçıların fəaliyyətini və istehlakçıların məhsul seçmək hüquqlarını məhdudlaşdırır. Bu isə məhsullara tələbatın bazar tərəfindən formalaşdırılmasına imkan vermir.
Müzakirəsi aparılan Standartlaşdırma haqqında qanun layihəsi mövcud qanundan öz mahiyyətinə görə kəskin fərqlənir. Belə ki, standartlaşdırma dedikdə, standartlaşdırma obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəlmiş kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan maddələrin müəyyən edilməsi məqsədi ilə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, qəbulu, tətbiqi prosesindən ibarət fəaliyyət başa düşülür. Mövcud qanunlar isə standartlaşdırmanın normativ sənədlərinin hazırlanması ilə yanaşı, həm də həmin sənədlərdə təsbit olunan tələbləri və digər texniki müddəaları əks etdirir. Bu da həmin normativ sənədlərin ölkənin sosial-iqtisadi inkişaf proseslərinə uyğunlaşmasını təmin edir. Burada, texniki reqlamentlərdə malların və onlarla əlaqədar proseslərin və istehsal metodlarının insanların həyatına və sağlamlığına, ətraf mühitin əmlaka və dövlətin maraqlarına ziyan vurmaması üçün əsas tələblər əks olunur. Bu şərtlərə əməl olunarsa, həmin malların istehsalında istisna olaraq standart və ya texniki şərtlərin uyğunluğu təmin edilmiş hesab olunur. Belə hallarda həmin standartlar ya texniki, ya da digər tələblərin istifadəsində könüllü xarakter alacaq. Bu da istehsalçılar üçün bazarda rəqabətin artması və daha keyfiyyətli məhsullar istehsal etmək üçün geniş imkanlar yaradacaq.
Qanun layihəsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının mövcud səviyyəsinin uyğun proseslərini, habelə ixracyönümlü qeyri-neft məhsulları istehsalının sürətinin artırılması nəticəsində xarici ticarətin daha da genişləndirilməsinə əlverişli şəraitin yaradılmasını əks etdirir və onların qəbul edilməsi məqsədəuyğun hesab olunur. Təqdim olunmuş qanun layihəsi qanunvericilik baxımından tələblərə uyğundur və anlayışlı formada tərtib olunmuşdur. Ona görə də qanun layihəsinin qəbul olunması üçün həmkarlarımızdan səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov. Bir də deyirəm, xahiş edirəm, konseptual yanaşın. Olmaz belə axı.
Ə.Amaşov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, əziz media nümayəndələri! Mən iki dəfə çıxış etməmək üçün son qanun layihələri barədə qısaca fikrimi bildirmək istərdim. Biz postneft əsrinə qədəm qoymuşuq. Ölkəmizdə qeyri-neft sektoruna ciddi diqqət ayrılır. Layihələr bu dövrdəki münasibətlərin tənzimlənməsi baxımından günün tələbləri sayıla bilər. Standartlaşdırma haqqında qanun layihəsi üzərində ciddi iş aparılıb, beynəlxalq tələblər öyrənilib. Şübhəsiz ki, layihə bu sahə ilə bağlı yeni bir sistemin əsasını qoyur. Onun işlək olması da aktual əhəmiyyət daşıyacaqdır. Layihə hazırda mövcud olan “Standartlaşdırma haqqında” Qanundan fərqlidir, sənəddə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmış istinadlar da var. Hesab edirəm ki, qanun layihəsinin mütərəqqiliyi həm də onun maraqlı tərəflərin təşəbbüslərinə açıq olması ilə əlaqədardır. Burada maraqlı tərəflərin təşəbbüsləri dəstəklənir.
Ümumən, sənəddə sahəyə kifayət qədər əhatəli yanaşılır. Demək olar ki, əsas detallar nəzərə alınıbdır. Mən, əsasən, iki məqam üzərində qısaca dayanmaq istərdim, hörmətli cənab Sədr. Qanun layihəsinin 4-cü maddəsində standartlaşdırmanın məqsədləri və prinsipləri göstərilib. Diqqətimi standartların könüllü xarakter daşıması prinsipi çəkdi. Bu bizim indiki dövr üçün kifayət qədər əhəmiyyətli olan prinsipdir. Ümumən, layihədə könüllülük bir prinsip kimi nəzərə alınıbdır. Layihədəki “Əsas anlayışlar” adlı birinci maddədə isə anlayışlar izah olunur. Yaxşı olardı ki, könüllülük məsələsinə də hansısa formada ayrıca anlayış kimi aydınlıq gətiriləydi və bu qanunla maraqlanan insanlar söhbətin nədən getdiyi ilə bağlı müəyyən nəticələr əldə edə bilərdilər.
Digər bir məqama da diqqət çəkmək istəyərdim. Qanun layihəsinin 8.12-ci maddəsində göstərilir ki, milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standart layihələrinin ictimai müzakirəsi 60 təqvim günü ərzində aparılır. Ümumən, ictimai müzakirə çox önəmlidir. Bunun qanunda olması özlüyündə mütərəqqi mahiyyət kəsb edən yenilikdir. Ancaq düşünürəm ki, ictimai müzakirə varsa, ona qanunla önəm verilirsə, məsələ milli standartlaşdırma qurumunun rəsmi internet saytı ilə kifayətlənməməlidir. Bunun üçün müvafiq dövlət qurumu tərəfindən müəyyən tematik toplantıların, konfransların təşkili, sahəyə aid qeyri-hökumət təşkilatlarının, o cümlədən media orqanlarının da bu sahədən yazan əməkdaşlarının, ayrı-ayrı ekspertlərin prosesə cəlb edilməsi daha səmərəli nəticələr verə bilər.
Əlbəttə, dövlət qurumu olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ictimai sektorla fəal münasibət saxlayır. Yadımdadır ki, bir neçə ay əvvəl qurum media nümayəndələri üçün müsahibə də təşkil etmişdi və bu təşəbbüs çərçivəsində mövcud sahənin incəlikləri ayrı-ayrı jurnalist yazılarında cəmiyyətə kifayət qədər incəliklə açıqlanmışdı. Yəni dövlət komitəsinin bu kimi ictimai əhəmiyyət kəsb edən toplantılar təşkil etmək potensialı və təcrübəsi yetərincədir. Hesab edirəm ki, qanun layihəsində göstərilən ictimai müzakirə məsələsinə də bu kontekstdən yanaşılmalıdır. Eyni zamanda, müzakirə edəcəyimiz Texniki tənzimləmə haqqında qanun layihəsi haqqında da qısaca olaraq fikirlərimi bildirmək istərdim.
Sədrlik edən. Əflatun müəllim, xahiş edirəm, mən Ziyad müəllimə də icazə vermədim. Çünki bu, ayrı qanundur və birinci oxunuşdur. Sağ olun. Ziyafət müəllim söz istəyir.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, qanun layihəsi ilə bağlı bir məsələyə mən çox istərdim, Ziyad müəllim burada izahat versin. Çünki bu məsələ qanunun konsepsiyası ilə bilavasitə bağlı olan müddəadır. 1.1.2-ci maddədə “standart” sözünün anlayışı verilib. Burada göstərirsiniz ki, standart tətbiqi könüllü olan normativ sənəddir. 4.2.8-ci maddədə isə göstərilir: “standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasında insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması”. 4.2.13-cü maddədə “standartların könüllü xarakter daşıması” verilir. Əgər bu normativ sənəd məcburi xarakter daşımayacaqsa, könüllü olacaqsa, o, insanların sağlamlığını, həyatını necə qoruyacaq? Bunu necə başa düşək? Mən yenə deyirəm, bax, bu müddəa bilavasitə bunun konsepsiyası ilə bağlıdır, Ziyad müəllim. Bu məsələ həll olunmasa, qanunun işləməsi şübhə altındadır. Sağ olun.
Sədrlik edən. Ziyafət müəllim sizə qanunun birinci oxunuşuna konseptual olaraq necə yanaşmaq lazım olduğunu göstərdi. Ziyad müəllim, ya Siz, ya komitənin sədr müavini indi cavab verə bilirsinizsə, verin, yoxsa ikinci oxunuşa qalsın. İndi cavab verirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Niyazi Rəhimov.
N.Rəhimov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Konseptual olaraq yanaşmada qeyd olunmuş fikirləri bir daha vurğulamaq istərdim ki, Standartlaşdırma haqqında qanun layihəsinin və Texniki tənzimləmə haqqında qanun layihəsinin bir-birinə bağlantısının səbəbləri də məhz bununla bağlıdır. Belə ki, bu qanun layihələri konseptual olaraq sistem dəyişən layihələrdir. Mütləq tələblər və təhlükəsizlik tələblərini müəyyən edən texniki reqlamentlər olur. Texniki reqlamentlər yüksək riskli məhsulları müəyyən edir. Onlara münasibətdə minimal təhlükəsizlik tələblərini müəyyən edir və bunlardan irəli gələrək artıq könüllü standartlar işlənib hazırlanır.
Belə ki, həmin standartlar texniki reqlamentdə nəzərdə tutulmuş mütləq tələblərə ziddiyyət təşkil etmədən, onlara riayət etməklə, sırf məhsulun xüsusiyyətlərinə, onun xassələrinə, texniki proseslərə münasibətlərə normaları özündə əks etdirir ki, bunda da standarta müraciət könüllüdür. Ancaq standarta müraciət olunduğu təqdirdə onun tələblərinin tətbiqi mütləqdir. Yüksək riskli məhsullarla bağlı mütləq tələbləri isə texniki reqlament müəyyən edir. Texniki reqlamentdə müəyyən olunmuş standarta müraciət etmək məcburi olur və həmin standartın tələbləri artıq Sizin qeyd etdiyiniz o təhlükəsizliyin mütləq şəkildə təmin olunmalı olduğu sahələrdə tənzimlənmiş olur. Eyni zamanda, bu layihələndirmə və sistem dəyişikliyi cənab Prezidentin 2017-ci il 10 fevral tarixli 1234 saylı Fərmanında qeyd olunmuş istiqamətləndirici tapşırığa uyğun olaraq hazırlanıbdır. Eyni zamanda, bu könüllülük prinsipi də o fərmanda öz əksini tapıbdır.
Sədrlik edən. Siz əvvəldən bu qanun layihələrin birləşdirib bir qanun layihəsi kimi təqdim etməli idiniz. Siz birinci oxunuşda ayrı-ayrı qanun layihələri kimi təqdim elədiniz. Xahiş edirəm, bunu əvvəldən fikirləşmək lazım idi. İndi sual verildi. Məni də cavab tam qane etmədi. Ancaq ikinci oxunuşa qədər vaxt var. Xahiş edirəm, bir də hazırlaşın, bu məsələlərə ikinci oxunuşda tam ətraflı bir cavab verilsin. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, birinci oxunuşda konseptual münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin sonuncu məsələsi, 19-cu məsələ Texniki tənzimləmə haqqında qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən təşəkkür edirəm ki, Ziyafət müəllim belə bir sual verdi. Bu sual komitənin iclasında da meydana çıxmışdı. Burada ətraflı izah olundu ki, bəli, insanların təhlükəsizliyi, istehsalın təhlükəsizliyi, ətraf mühitin təhlükəsizliyi ilə əlaqədar məcburi olaraq tənzimləmə məsələlərindən istifadə olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi məlumatlarda “liberal biznes mühiti” ifadəsi işlədilir. Mən o fikirlə razı deyiləm. Mən dünən də, bu gün də bütün iqtisadiyyatı araşdırmışam, bu çox nadir hallarda işlədilir. Amma məqsəd ondan ibarətdir ki, insanların məhsul istehsalında öhdəlikləri gələcəkdə xeyli yaxşılaşsın. Bu qanunların qəbul edilməsində məqsəd cənab Prezidentin də müəyyən etdiyi fərmanlarda ondan ibarətdir ki, dövlət istehsalatı deyil, bazarı tənzim etməlidir. Bazarda tələb və təklif məsələləri var. Ona görə də mən bu məsələdə, Ziyafət müəllim, Sizin mövqeyinizi dəstəkləyirəm ki, buna ikinci oxunuşda bir daha aydınlıq gətirmək lazımdır.
Texniki tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hazırlanmışdır. Qanun layihəsi iqtisadiyyatın keyfiyyətli inkişafını təmin etmək məqsədi ilə texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsinə dair tələblərin həyata keçirilməsin nəzərdə tutur. Texniki tənzimləmə haqqında qanunun qəbulu məhsulların təhlükəsizliyinin təmin edilməsi ilə biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi, tənzimləmə tələblərinin məhsulların təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və keyfiyyətin artırılmasına xidmət edən standartlaşdırmanın məhsulların rəqabət qabiliyyətinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmin edilməsi, istehsalata dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsi və istehsalata nəzarətin uyğunluğun qiymətləndirilməsi orqanlarına həvalə edilməsi kimi məsələləri əhatə edir.
Bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci və 24-cü bəndlərinə uyğun olaraq insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların aldadılmasının qarşısının alınması, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə mallarla əlaqəli prosesləri və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini, tətbiqi qaydalarını müəyyən edir. Qanun layihəs 4 fəsil, 18 maddədən ibarətdir. Qanun layihəsi məhsulların istehsal proseslərinə, istismarına, saxlanmasına, daşınmasına, realizə edilməsinə, uyğunluğun qiymətləndirilməsinə, eyni zamanda, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair məcburi və könüllü tələbləri müəyyən edir. Qanun ilk dəfə hazırlanıb və texniki tənzimləmənin məqsədlərini, prinsiplərini, qanunun tətbiq dairəsini, texniki tənzimləmə sahəsində dövlətin vəzifələrini, texniki reqlamentlərə dair ümum tələbləri, təsərrüfat subyektlərinə dair tələbləri və digər məsələləri əhatə edir. Texniki tənzimləmənin məqsədləri qanun layihəsində aşağıdakı kimi müəyyən edilmişdir. İnsanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanunun maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması.
Ola bilər, millət vəkilləri üçün bu təzədir. Amma Azərbaycan o qədər də çox olmayan ölkələrdən biridir ki, bizim hələ Texniki tənzimləmə haqqında qanun layihəmiz yoxdur. Texniki tənzimləmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir: qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq, hesabatlılıq. Mallara və onlarla əlaqəli proseslərə, istehsal metodlarına, istismara, saxlanma, daşınma, qablaşdırma, etiketləşdirmə, məhvetmə və utilizasiya qaydalarına tələbləri müəyyən edərkən vahid yanaşma tətbiq edilməlidir. Bütün bunlar bu gün Azərbaycan iqtisadiyyatı üçün çox vacib məsələlərdən biridir. Bizdə yalnız Balaxanıda böyük bir zavod var. Amma Azərbaycan ərazisində kifayət qədər tullantılar olur. Bu tullantılar necə məhv edilir, onlardan necə istifadə olunur, necə qablaşdırılır, hara daşınır? Bunlarla bağlı bizim texniki imkanlarımız yoxdur. Ona görə də milli iqtisadiyyatın maddi-texniki bazanın və texnoloji inkişafın səviyyəsinə uyğunluğunun təmin edilməsi, insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının mühafizəsinin təmin edilməsi, uyğunluğu qiymətləndirən qurumların təsərrüfat subyektlərindən asılılığına yol verilməməsi. Onlar müstəqil olmalıdırlar ki, iqtisadiyyatda baş verən prosesləri, istehsalatda olan texnologiyaları dərindən təhlil etsinlər və qiymətləndirsinlər. Yerli və xarici ölkə mənşəli mallara dair vahid tələblərin müəyyən edilməsinə, akkreditasiya və sertifikatlaşdırma səlahiyyətlərinin bir orqanda cəmləşdirilməsinə yol verilməməlidir, çünki burada da rəqabət məsələsi üstünlük təşkil edir ki, təkcə bir orqan bu məsələ ilə məşğul olmasın. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi. Təbii ki, burada bizim fikir ayrılığımız var ki, bu balansı müəyyən etmək çox çətindir. Qanun layihəsində yazılıb ki, istehsalın texnoloji səviyyəsinin müəyyən edilməsi. İstehsalın hər bir mərhələsində müəyyən texnoloji səviyyə var. Bu texnoloji səviyyəni müəyyən etmək üçün minlərlə göstərici var. Ona görə bu çətinliklər olacaq.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, eyni zamanda, bildirmək istəyirəm ki, burada sırf iqtisadi məsələ deyil. Burada mühəndis təfəkkürü ilə iqtisadi təfəkkür birləşib. İlk dəfədir ki, bizim qanun layihəmizdə bu məsələlər açıqlığı ilə verilmişdir. Texniki tənzimləmə üzrə məcburi tələblərin, malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və keyfiyyətin bazar rəqabəti əsasında tənzimlənməsi, sahibkarların fəaliyyətinə minimum müdaxilənin təmin edilməsi və tələblərə uyğunluğun təmin edilməsi sahəsində qabaqcıl metodların tətbiqi vacibdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə, eyni zamanda, bir sıra mütəxəssislərlə apardığımız söhbətlərdən belə nəticəyə gəlirik ki, qanun qəbul edildikdən sonra bu bizə məhsullara dövlət nəzarətinin təhlükəsizlik tələbləri, yalnız yüksək risk qrupuna daxil olan məhsulların məcburi sertifikatlaşdırılması, sahibkarlıq fəaliyyətinə minimum müdaxilənin təmin edilməsi, istehsalata dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsi və istehsalata nəzarətin uyğunluğun qiymətləndirilməsi orqanlarına həvalə edilməsi, iqtisadiyyatın real sektorunun inkişafının təmin olunması, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması imkanını verəcək. Bu gün Azərbaycanın ixrac potensialı birinci ayda 36 faiz artıb. 15 il ərzində ilk dəfədir. Nəyin hesabına artıb? Çox çətinliklə, cənab Prezidentin tapşırıqları, müəyyən keyfiyyət məsələlərinin ön plana çəkilməsi, qablaşdırmada, marketinqdə xarici mütəxəssislərin tövsiyələrinin nəzərə alınması nəticəsində artıb. Amma bizim əlimizdə hələlik bir dənə də qanun yoxdur ki, biz onu rəqabətdən uzaq olan bir təşkilata verək. Ölkə iqtisadiyyatının dünyada qabaqcıl mövqelərə çıxması məqsədi ilə keyfiyyət infrastrukturunun inkişafı. Bizim üçün çox qaranlıqdır ki, keyfiyyət infrastrukturu nədir? Burada söhbət oldu, ikinci oxunuş üçün biz sizə məlumat verəcəyik ki, keyfiyyət infrastrukturu nə deməkdir, onun inkişafını hansı göstəricilərlə xarakterizə etmək olar. Standartların işlənməsi prosesində özəl strukturların artması, vətəndaşların həyat və sağlamlığının qorunması. Ən vacib məsələlərdən biri ətraf mühitin mühafizəsi, ölkənin müdafiə, iqtisadi, ekoloji, elmi-texniki, texnoloji təhlükəsizliyinin təmin edilməsidir. Bunlar haqqında biz çox vaxt mətbuatda və sairədə danışırıq. Amma konkret olaraq sabah müvafiq strukturlar buna cavab verəcəklər, deyin görək istehsal olunan məhsulun ekoloji cəhətdən qiymətləri nədən ibarətdir? Belə olan şəraitdə biz həmin məhsulun istehsalının da qarşısını ala bilərik.
Hörmətli Oqtay müəllim, mən başa düşürəm ki, bu, mürəkkəb qanundur. Mənim üçün də çətindir, elə bizim komitədə müzakirə vaxtı da deyildi. Bayaq Əli müəllim dedi, yeni texnik reqlamentlər və onların istinad edilmiş standartları 7 il müddətinə nəzərdə tutulmuşdur. Biz bu sualı verdik. Bu sual, doğrudan da, çox ciddi məsələdir. Araşdırmalar tələb edir, mühəndis hesablamaları tələb edir. Bu vaxta qədər əvvəlki standart yox idi. Əvvəlki avadanlıqlar da istehsal olunmurdu. Əvvəlki sənaye məhsulları da yox idi. Amma sovet sistemində bu, sovet sisteminin tələblərinə, o dövrün ehtiyaclarına uyğun formalaşmışdı. Amma onların çoxu dağılıb. Azərbaycanda yenidən sənaye inkişaf edir, emal sənayesi inkişaf edir, ixrac potensialımız artıb. Bütün bunlara görə biz mütləq və mütləq əməkdaşlıq etdiyimiz ölkələrə bildirməliyik ki, bizim artıq Texniki tənzimləmə haqqında qanunumuz var. O qanunun tələblərinə uyğun qoyulan tələblər beynəlxalq tələblərə cavab verir. Mən hesab edirəm ki, bu qanun Azərbaycan iqtisadiyyatında yeni bir mərhələ üçün çox vacibdir. Mən ola bilər ki, bir az tez danışıram, amma ikinci oxunuş üçün artıq işçi qrupu yaratmışıq. Nizami müəllim, Niyazi müəllim bu işçi qrupunda olacaq.
Sədrlik edən. Ziyad müəllim, bu aydın oldu. Siz bu iki qanunu birləşdirmək istəyirdiniz. 15 dəqiqə keçib, dayanmaq istəmirsiniz. Bu, ayrıca bir qanun layihəsidir. Ona görə ayrı-ayrı demək lazımdır. İkinci, Milli Məclis texniki təşkilat deyil, Milli Məclis qanunverici təşkilatdır. Biz əgər qanunu qəbul ediriksə, bu qanun sərbəst işləməli deyil? Mən bəlkə səhv edirəm, Səfa müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun sərbəst işləməlidir. Bir-birindən asılı işləməli deyil. Bunun başqa dili yoxdur. Bəlkə mən səhv deyirəm? Qanun varsa, bu özü tək işləməlidir, o asılılıq başqa cürdür. Yəni hər iki qanun layihəsi vacibdir, qəbul edəcəyik. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, Siz bunu ikinci oxunuşa elə hazırlamalısınız ki, bu, qanunvericilik səviyyəsində olsun. Bunlar bir-birindən ayrı işləyə bilsinlər. Ayrı işləyə bilmirlərsə, bir qanun edin. Ayrı qanunlardırsa, ayrı-ayrı işlədin. Yəni tələblərə uyğun olsun. Heç kim bu qanun layihəsinə dair başqa söz demək istəmir. Bu qanunların uzlaşması lazımdır. Konseptual olaraq birinci oxunuşda qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gələn iclaslara qədər. Sağ olun.