21.12.2006 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  36

Mill Məclisin  iclas  salonu.
21  dekabr  2006-cı  il.  Saat  12.

Mill Məclis  Sədrinin  müavini
B. Muradova  sədrlik  etmişdir


İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Fərhad Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri.
Fizuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
İsmayıl Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri.
Rüstəm Usubov, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini.
Sona Salmanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini.
Südabə Həsənova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin üzvü.
Mahmud Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Əli Şəfiyev, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini.
Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Toğrul Musayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Sənan Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İradə Hüseynova, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Əlizamin Əsgərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi.
Dürdanə Məmmədova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şöbə müdiri.
İnqilab Nəsirov, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr əvəzi.
Sərvət Hüseynov, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr əvəzi.
Səadət Bektaşi, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin sədri.
Şəlalə Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədri.
İlham Həsənov, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyası sədrinin vəzifələrini icra edən.

Qeyri-hökumət təşkilatlarından

Tamam Cəfərova, “Universitet” Qadınlar Cəmiyyətinin sədri.
Tənzilə Rüstəmxanlı, “Azəri-Türk Qadınları” Birliyinin sədri.
Sacidə Əbdülvahabova, “Qadın Problemlərinin Tədqiqi” Birliyinin sədri.
Svetlana Qasımova, “İşgüzar Qadın” Assosiasiyasının sədri.
Solmaz Hacıyeva, “Neftçi Qadınlar” Cəmiyyətinin sədri.
Sevil Zeynalova, Gender Problemləri İnstitutunun direktoru.
Ruhəngiz Heydərova, “Azərbaycan-Koreya Mədəniyyəti” Cəmiyyətinin sədri.
Bahar Qasımova, “Azərbaycan Qadınları” Respublika Cəmiyyətinin nümayəndəsi.
Təranə Kərimova,“Gender və İqtisadiyyat” Cəmiyyətinin sədri.
Mahirə Əmirhüseynova, “XXI Əsr Qadınları” Cəmiyyətinin sədri.
Sayalı Səfərova, Milli Araşdırmalar Cəmiyyətinin sədri.
İradə Əliyeva, “Zəngin Azərbaycan Uğrunda” İctimai Birliyinin sədri.
Kamilla Dadaşova, “Simmetriya” Gender Assosiasiyasının sədri.
Rüxsarə Axundova, Respublika Uşaq Təşkilatının sədri.
Roza Fərzəliyeva, “Bikə” Azərbaycana Qayıt Qızlar Assosiasiyasının sədri.

Kütləvi informasiya vasitələrindən

Nuşirəvan Məhərrəmov, Azərbaycan Respublikası Milli Televiziya və Radio Yayımları Şurasının sədri.
Tağı İbrahimov, “Azad Azərbaycan” Teleradio Yayımı Şirkətinin prezidenti.
Mehriban Alışanova, Azərbaycan Respublikası Milli Televiziya və Radio Yayımları Şurası sədrinin müavini.
Aslan Məmmədov, Lider TV-nin direktor əvəzi.
Fuad Cabbarov, ANS-in baş direktoru.
Dağbəyi İsmayılov, AzərTAC-ın baş direktorunun müavini.
Elçin Şıxlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri.
Vüqar Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru.
Yunis Oğuz, “Olaylar” qəzetinin baş redaktoru.
Yaşar Əliyev, “525-ci qəzet”in redaktoru.

Beynəlxalq təşkilatların nümayəndələri

İlqar İbrahimli, Avropa Şurasının Bakı ofisi.
Robin Sivord, ATƏT-in Bakı ofisi.
Nigar Arpadarayi, Europe House.
Devid Ayzenberq, BMT-nin Bakı ofisi.
Envera Selimoviç, BMT-nin Bakı ofisi.
Nigina Abbaszadə, BMT-nin Bakı ofisi.
Gülşən Paşayeva, UNİFEM.
Fərid Nəbili, tərcüməçi.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.
 
İclasda qəbul edilmişdir:

“Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

Azərbaycan  Respublikası
Mill Məclis Sədrinin 
müavin                                                 B. MURADOVA

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

21  dekabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin müavini B. Muradova  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar, hörmətli qonaqlar, xanımlar və cənablar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 90
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Milli Məclisin bugünkü iclasının gündəliyinə Avropa Şurasına üzv olan ölkələrdə həyata keçirilən siyasi kampaniya ilə bağlı məsələ daxil edilibdir. Kampaniyanın məqsədi qadınlara qarşı zorakılığa, o cümlədən məişət zorakılığına son qoyulması üçün üzv dövlətlərin parlamentləri tərəfindən zəruri tədbirlərin görülməsi və müvafiq qərarların qəbul olunmasıdır.
Məsələnin aktuallığı nəzərə alınaraq iclasımıza mərkəzi icra hakimiyyəti, məhkəmə, prokurorluq orqanlarının rəhbərləri, qeyri-dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən yerli qurumlarının təmsilçiləri dəvət olunublar. Dəvətimizi qəbul edib bu iclasa gələn qonaqlara təşəkkür edir, minnətdarlığımızı bildiririk.
Avropa Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyası, hesab edirəm ki, Azərbaycanda da geniş vüsət alacaqdır. Azərbaycanın bu gün burada iştirak eləyən ən müxtəlif təbəqələrinin nümayəndələri, təmsilçiləri parlamentin bu təşəbbüsünə yaxından qoşulacaqlar.
“Qadınlara qarşı zorakılığa son qoyaq” devizi altında keçirilən kampaniya, nəzərinizə çatdırıram ki, 2006-2008-ci illəri əhatə edəcəkdir. Onun başlanması ilə əlaqədar bu il iyunun 29-da Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden Milli Məclisin Sədri Oqtay Əsədova məktubla müraciət etmişdir. Məktubda Azərbaycan parlamentinin də bu kampaniyada iştirak etməsi tövsiyə olunurdu.
Avropa Şurasının Parlament Assambleyası kampaniya ilə bağlı bir sıra tövsiyələr qəbul edibdir. Bu tövsiyələrdə qadınlara qarşı zorakılıqla mübarizəyə dair qanunvericilikdə olan boşluqların aradan qaldırılması, yeni qanunların qəbul edilməsi və qanunların təkmilləşdirilməsi ərəfəsində ictimai müzakirələrin təşkili, müvafiq milli fəaliyyət planının qəbulu, eyni zamanda, büdcə vəsaitlərinin ayrılması nəzərdə tutulur. Azərbaycan parlamenti və Azərbaycan hökuməti bu tövsiyələri bundan sonrakı fəaliyyətlərində əldə rəhbər tutmalıdırlar.
Azərbaycan parlamenti artıq bu sahədə müəyyən işlər görmüşdür. Milli Məclis Avropa Şurası ilə əlaqələri təmin etmək üçün millət vəkili Gülər Əhmədovanı əlaqələndirici parlament üzvü təyin edibdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, qarşıdakı kampaniya dövründə bu işin əlaqələndirilməsi işi onun vasitəsi ilə həyata keçiriləcəkdir. Artıq Milli Məclis bununla bağlı ilk addımını atır və biz o məqsədlə toplaşmışıq. Avropa Şurasına üzv ölkələrin əlaqələndiriciləri 2006-cı il oktyabrın 19-da Strasburq şəhərində keçirilən toplantıda yığışdıqdan sonra noyabrın 27-də Madrid şəhərində kampaniyanın başlanmasının açılış mərasimində Azərbaycan hökumətinin təmsilçisi kimi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova da iştirak etmişdir. O, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər barədə üzv dövlətlərin nümayəndələrinə məlumat vermişdir.
Hörmətli deputatlar, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı dünyanın hər yerində tez-tez rastlaşdığımız çox ağır bir bəladır. Heç bir dövlət, heç bir milli və dini qurum özünün bu bəladan kənarda olduğunu söyləyə bilməz. Azərbaycan cəmiyyətində qadına hörmət bizim milli dəyərlərimizdən biridir və bu, xalqımızın milli təfəkküründən qaynaqlanır. Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması ilə əlaqədar son vaxtlar ölkəmizdə keçirilən islahatlar, o cümlədən hüquq islahatları, insan haqlarının qorunması istiqamətində görülən tədbirlər öz bəhrələrini verməkdədir. Artıq cəmiyyətdə bu kimi hallara qarşı mübarizə əhvali-ruhiyyəsi formalaşıbdır. Əlbəttə, bunu daha da artırmaq, inkişaf etdirmək lazımdır.
Bütün cəmiyyətlərdə olduğu kimi, bizim Azərbaycan cəmiyyətində də bu cür hallar mövcuddur. Bunları aradan qaldırmaq üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələri birləşməlidirlər. Bu fəaliyyət ölkədaxili, eləcə də beynəlxalq tərəfdaşlarla birlikdə aparılmalıdır. Avropa Şurasına üzv olduğumuz üçün, belə ölkələrin atdığı addımlara biz də qoşulmalı, töhfələrimizi verməliyik. Azərbaycan parlamenti bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirəcək və qanunvericilik sahəsində olan boşluqları doldurmaq üçün müvafiq qanunları qəbul edəcəkdir. Azərbaycan hökuməti ilə daha çox maarifləndirmə işi aparan qeyri-hökumət təşkilatlarının bu fəaliyyətdə birgə səy göstərəcəklərinə inanırıq. Şübhəsiz, dəvət olunmuş müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatları və digər qurumların nümayəndələri, eyni zamanda, millət vəkilləri də çox aktual məsələnin müzakirəsində ciddi şəkildə iştirak edəcək, öz prinsipial mövqelərini bildirəcəklər.
Avropa Şurasının tövsiyələri ondan ibarətdir ki, parlamentlər bir iş gününü bu məsələyə həsr edib onun müzakirəsini keçirsinlər, ona mövqelərini bildirərək bəyanat qəbul etsinlər. Biz də bu gün keçiriləcək müzakirələrin sonunda belə bir bəyanat qəbul etməliyik. Bəyanatı hazırlamaqdan ötrü komissiya yaradılmalıdır. Düşünüb belə bir qərara gəlmişik ki, komissiya Gülər Əhmədova, Aydın Abbasov, Arzu Səmədov, Fazil Mustafayev və Səməd Seyidovdan ibarət olsun. Etiraz yoxdur? Yoxdursa, biz bu işi onlara həvalə edirik. Bəyanat hazır olandan sonra onunla bağlı fikir və təkliflərimizi bildirərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Gülər xanım.
G. Əhmədova. Həmin tərkibə Sizi də təklif eləyirəm. Çünki həm sədarətdə olmağınız, həm də gender bərabərliyi məsələsində bu çox vacib amildir.
Sədrlik edən. Mənim bu iclası aparmağım elə bütövlükdə onun tərkibində olmağım deməkdir. Etiraz yoxdursa, adımı ora daxil etmək olar. Amma mən buna heç bir ehtiyac görmürəm. Hər halda təklif olunan varianta münasibət bildirsək, daha məqsədəuyğun olar. Etiraz yoxdur ki? Qəbul olunur və komissiya öz işinə başlaya bilər.
İndi isə mən hesab edirəm ki, gündəliyə etiraz eləyən yoxdur, reqlamenti müəyyənləşdirək. Bu məsələ ilə bağlı məlumat xarakterli çıxışlara 10 dəqiqə, millət vəkillərinin çıxışlarına isə 5 dəqiqə vaxt ayıraq. Nəzərdə tutaq ki, günün birinci yarısına kimi müzakirəni başa çatdıracağıq. Qarşıda iki saatımız var, bu, məsələnin müzakirəsinə kifayət edər. Etiraz yoxdursa, çıxışlara başlayaq. Məsələ ilə bağlı millət vəkili, Avropa Şurası Parlament Assambleyasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına dair beynəlxalq kampaniyasının həyata keçirilməsi üzrə koordinator Gülər Əhmədovaya söz verilir.
G. Əhmədova. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri və qonaqlar, xanimlar və cənablar! Çıxışıma başlamamışdan öncə mənə böyük etimad göstərmiş parlament rəhbərliyinə, namizədliyimi dəstəkləmiş hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm.
Bu gün müstəqil Azərbaycanımızın tarixində ilk dəfə olaraq parlament dinləməsi keçirilir. Bu əlamətdar gün dünyanın əşrəfi sayılan insanlığın zərif qisminin həyatı ilə bağlıdır. Avropa Şurasının Parlament Assambleyasının “Qadınlara qarşı zorakılığa son qoyaq!” kampaniyası Avropa Şurasına daxil olan bütün ölkələrdə keçirilir. Kampaniyanın aparıcı qüvvəsi parlamentdir. Bu da icra strukturlarının, QHT-in, KİV-in birləşərək fəaliyyət göstərə biləcəyi ən optimal müstəvidir. Bu gün dünyada zorakılığın üç əsas istiqaməti var: ailə; ictimai həyat, yəni iş yeri və cəmiyyət; dövlət miqyasında zorakılıq. Zorakılığın növləri barədə danışarkən onun fiziki, psixoloji, mənəvi, seksual, iqtisadi formaları nəzərdən qaçırılmamalıdır.
Dünya təcrübəsi, beynəlxalq miqyasda aparılan təhqiqatlar sübut edib ki, bütün zamanlarda və hallarda sosial vəziyyətindən asılı olmayaraq qadınlar zorakılığın qurbanı olublar. Bunun psixoloji və iqtisadi növləri cəmiyyətin cüzi bir hissəsi tərəfindən törədilən zorakılıq kimi qiymətləndirilir.
Ailə zorakılığı imkanların sosial vəziyyətindən, dini etiqadından, etnik mənsubiyyətindən asılı olmayaraq baş verir. Qadınlar zorakılığa əksər hallarda təkrar da məruz qalırlar. Adətən, cəmiyyət hətta zor tətbiq edildiyi hallarda belə, ailədə baş verən hadisələr, qarışmamağa üstünlük verir. Cəmiyyətdə qadınlara qarşı zorakılığın məqbul sayılan, onun adi hal olduğu qəbul edilən möhkəmlənmiş tədbirlər hələ də mövcuddur. Cinslərin qarşılıqlı münasibətlərində onlardan birinin zəifliyi nəticəsində baş verən zorakılığa genderə əsaslanan zorakılıq deyilir.
Avropa Şurasının Parlament Assambleyası bu kampaniyanı 5 istiqamətdə aparmağı tövsiyə edir: əhalinin maarifləndirilməsi, zorakılığın profilaktikası, zorakılıq qurbanlarının müdafiə və bərpası qanunvericiliyinin təkmilləşdirməsi və yeni qanunların qəbulu, 2003-cü ilədək cəmi 46 ölkənin bu sahədə normativ aktları var idi. Bu gün 89 ölkədə normativ aktlar, 7 ölkədə yeni qanunlar işləyir.
Cənubi Qafqazın iki ölkəsində bu sahədə xeyli iş görülmüşdür. Bu fakt Azərbaycan ictimaiyyətini məyus etməməlidir. Azərbaycanda toplanmış elmi və təcrübi biliklər bu sahədə atacağımız addımlar üçün möhkəm zəmin yaratmışdır. Bütün qurumlar, icra strukturları bu məsələ ilə bağlı olaraq işlərini iki istiqamətdə qura biləcəklər: əməkdaşlarla keçirilən treninqlər, normativ aktların təkmilləşdirilməsi və yeniləşməsi. Hər bir nazirlik və komitə məsələ ilə bağlı aparılacaq işlərə büdcədən vəsait ayrılması haqqında düşünməlidirlər. Bu məsələ parlamentin qarşısında da durur.
Qəbul edəcəyimiz yeni büdcənin əlaqədar strukturlar üçün maliyyə ayırmalarında bu bənd xüsusi olaraq nəzərə alınmalıdır. Bu məqsədə xərclənən büdcə vəsaiti səhiyyə, sosial və digər xərclərin çox kiçik bir hissəsini təşkil edəcəkdir. İqtisadi baxımdan xeyli cəlbedici mühit yaradacaq vəsaitin qənaətlə xərclənməsi üçün mühüm məqamlar ortaya çıxacaq. Onların Azərbaycan qanunvericiliyinə gətirilməsi vacibdir. Belə ki, zorakılıq etmiş şəxsin öz qurbanına qarşı təkrar zorakılıq halı baş verməməsi üçün təcavüzkar və qurban arasında məsafə saxlanılması məsələsi gündəmə gətirilməlidir.
Zorakılığın baş verməsi haqqında hüquq mühafizə orqanlarına xəbər vermiş şəxslərin qorunub mühafizə olunması diqqət mərkəzində olmalıdır. Həmçinin təcavüzkara qarşı tədbirlər görülənədək qurbanların yerləşdirilməsi üçün ünvanı bəlli olmayan sığınacaqlar fəaliyyət göstərməlidir. Zorakılıq tətbiq edənin zülmündən qaçan qadın və uşaqların yaşadıqları mənzilə qaytarılaraq rahat və təhlükəsiz yaşamaları üçün qanunvericilikdə yeni maddələr işlənilməlidir. Məhkəmə qərarları məhz bu istiqamətə yönəlməlidir. Qurbanlarla ilk görüşən dövlət məmurları, polis və səhiyyə işçiləri xüsusi olaraq hazırlanmalıdırlar. Zorakılığın şahidləri olmuş uşaqlar üçün xüsusi proqramlar işlənməlidir. AŞPA-nın prezidenti Rene van der Lindenin çıxışında göstərildiyi kimi, hökumət vaxt itirmədən bu işlərə başlamalıdır.
Demokratik bir ölkədə qorxu altında yaşayan qadın və uşaqlar istənilən cəmiyyətin utanc yeridir. Aydındır ki, belə hallarda zorakılığa məruz qalmış qadınlar deyil, bu bəlaya göz yummuş qohumlar, qonşular, cavabdeh icra strukturları, qeyri-hökumət təşkilatları xəcalət çəkməlidirlər. Bu barədə başqa dinlərin kitablarında: “Cəhənnəmin ən isti yeri laqeyd insanlar üçündür” deyilir. Müqəddəs kitabımızda isə oxuyuruq: “Əgər siz zülmkarın zülmünə göz yumursunuzsa, onun zülmünə şəriksiniz”.
Kampaniyanın AŞPA-nın tövsiyələrində deyildiyi kimi, üç istiqamətdə aparılması nəzərdə tutulur: beynəlxalq, milli və yerli. Hər bir parlament üzvünə tapşırıq verilməlidir ki, seçildiyi regionda bu məsələləri koordinasiya etsin. Adət-ənənələr, ailə amili, din, yerli mədəniyyət zorakılıq üçün bəraət qazandıra bilməz. Biz seçicilərimizin: “Qadınlar zorakılığa məruz qaldıqları halda köməyi haradan ala biləcəklər?” sualına cavab verməyə hər zaman hazır olmalıyıq.
Hər kəs həyatda gördüyü, eşitdiyi hadisələrdən tərbiyə alaraq püxtələşir. Mənim həyatımın ən unudulmaz siması, həyat və siyasi məktəbimin rəhbəri, bütün və bütöv Azərbaycanın ümummilli lideri Heydər Əliyevdir. Onun siyasi fəaliyyətinin müxalifləri arasında qadınlar da var idi. Bəzən, hətta etik ekstremist əhvali-ruhiyyə nümayiş etdirən bu qadınlara qarşı bir dəfə də olsun, Heydər Əliyev ağır bir söz, ifadə işlətmədi. Çünki o, zamanın dahisi, kişilik və insanlıq nümunəsi idi. Hazırda Heydər Əliyev siyasətinin bu sahədə də uğurlu davamçıları mövcuddur. Ölkə Prezidenti cənab İlham Əliyevin, millət vəkili Mehriban xanım Əliyevanın ən yüksək səviyyədə qadın və uşaqlara göstərdikləri xüsusi qayğı danılmaz həqiqətdir. Ümumiyyətlə, kampaniyanın sonunda Azərbaycanın təqdim edəcəyi hesabatın yüksək qiymətləndirilməsi üçün xalqımızın şansları çoxdur. Bu sahədə daim müvafiq dövlət siyasəti yeridilir. “Cənnət anaların ayaqları altındadır” deyən Həzrəti Mühəmməd peyğəmbər, şübhəsiz ki, ailəmizin təhlükəsizliyini, qadınların psixi və fiziki sağlamlığını, onların şəxsiyyətini yüksək qiymətləndirməyi tövsiyə etmişdir.
Bu gün Azərbaycanın gələcəyi üçün çox önəmli bir məqamdır. Eyni zamanda, bir çox tarixi mərhələlərdə olduğu kimi, biz bir millət olaraq yenə seçim qarşısındayıq. Bu gün bu yerdən, bu məkandan ya övladlarımızın tərbiyəsini şəxsiyyəti mənən və fiziki cəhətdən sınmış, insanlığı tapdalanmış, oyuncağa çevrilmiş qadınlara etibar etməli və buna “hə” deməliyik, ya da ata-babalarımızın dediyi kimi: ”Kişi qadına əl qaldırmaz!” aforizminin bütün mənalarına uyğun hərəkət etməliyik. Seçim sizindir, əziz atalar, qardaşlar, oğullar! Güclü və ədalətli olmaq missiyası sizlərə əzəli və əbədi olaraq Allah tərəfindən verilib. Bu missiyanı şərəflə həyata keçirmək, ya da keçirməmək qərarını siz verəcəksiniz. Seçim sizindir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Gülər xanım. Çox orijinal sonluğa və çağırışa, eyni zamanda, çıxışınızda əks olunan dəyərli fikirlərə görə təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, bu fikirləri Sosial siyasət daimi komissiyasının və AŞPA-nın qadınlar və kişilər arasında imkanların bərabərliyi komissiyasının üzvü Elmira Axundova davam etdirəcək. Buyurun, Elmira xanım.
E. Axundova. Hörmətli sədarət, hörmətli millət vəkilləri və qonaqlar! Biz bu gün çox aktual bir tədbir keçiririk. Mən Milli Məclisin rəhbərliyinə, xüsusən də Bahar xanım Muradovaya bu tədbirin baş tutmasına görə dərin minnətdarlığımı bildirmək istərdim. Mən bir ildən artıqdır ki, Avropa Şurası Parlament Assambleyasının qadınlar və kişilər arasında imkanların bərabərliyi komissiyasının üzvüyəm və bu sahədə fəal iş aparmağa çalışıram.
Avropa Şurası gender hüququ bərabərliyinə, qadınların, xüsusən də onların aralarında qeyri-leqal emiqrantların, qaçqın və köçkünlərin zəif müdafiə edilmiş təbəqələrinin peşə, sosial, hüquqi cəhətdən yaxşılaşması məsələlərinə həmişə ciddi diqqət yetirmiş və yetirməkdədir. Avropa Şurası Parlament Assambleyasının, əslində, hər bir sessiyasında gender hüququ bərabərliyi, habelə qadınlara qarşı seksual və məişət zorakılığı ilə mübarizə məsələsinə bu və ya digər sənəd, yaxud tövsiyə qəbul edilir. AŞPA-nın 2005-2006-cı illərdə rəsmən qəbul etdiyi bir neçə sənədini misal göstərə bilərəm. “Qərarların qəbul olunmasında qadınların iştirakına təminat verən mexanizmlər haqqında” 1738 nömrəli tövsiyə; “İşsizlər arasında və iş yerində qadınlara qarşı ayrı-seçkilik haqqında” 1720 nömrəli tövsiyə; “Məcburi nikahlar, o cümlədən uşaq nikahları haqqında” 1723 nömrəli tövsiyə; “Futbol üzrə dünya çempionatı ərəfəsində qadın alverinə son qoyulmasının zəruriliyi haqqında” AŞPA-nın 2006-cı il yaz sessiyasında səslənən məruzə və bu məsələ barədə AŞPA-nın 1494 nömrəli qətnaməsi, “Avropaya emiqrasiya etmiş qadınların inteqrasiyası haqqında” 1732 nömrəli tövsiyə və 1478 nömrəli qətnamə və sair.
Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının qadınlar və kişilər arasında imkanların bərabərliyi komissiyasının üzvləri aşağıdakı mövzularda çoxsaylı layihələri hazırlayıblar. Yoxsulluğun feminizasiyası, həbsxanalarda qadınların vəziyyəti, Avropada qadınların uşaq salmaları və bunun qadınlar, gənc qızlar üçün nəticələri, reklamda qadın obrazı, narkotik zorakılıqla bağlı seksual təcavüz və sairə dair sənədlərin əksəriyyəti bu və ya gələn il AŞPA-nın sessiyalarında qəbul ediləcək, rəsmi hüquqi aktlara çevriləcəkdir.
Avropa Şurasının və digər beynəlxalq təşkilatların məişətdə zorakılığın qarşısının alınması, geniş ictimaiyyətin bu problem barədə məlumatlandırılması istiqamətində böyük işlər görür. Buna baxmayaraq, Avropanın bütün ölkələrində qadınlara qarşı məişət zorakılığının artması və bunun insan hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarması qeyd edilir. Qeyd etmək lazımdır ki, məişət zorakılığı problemi, təəssüf ki, ölkəmiz üçün də aktualdır. Halbuki qadına, ailə ocağının qoruyucusu olan anaya hörmət və ehtiram Azərbaycan xalqının mentalitetinə xas bir xüsusiyyətdir.
Mən bu problemə öz məqalə və oçerklərimdə vaxtilə tez-tez toxunmuşdum. Bundan başqa əfv komissiyasının üzvü kimi istər zorakılıq qurbanlarından, istərsə də bu zorakılığı törədən şəxslərdən alınan çoxsaylı ərizələrlə müntəzəm olaraq tanış oluram. İnanın ki, qarşılaşdığım faktlar bəzən adamı dəhşətə gətirir. Demək lazımdır ki, qadına qarşı zorakılıq faktları, xüsusən də məişət zəminində xeyli çoxalıb və cəmiyyətimiz üçün təhlükəli miqyas alıbdır. Hər gün qəzet səhifələrindən, televiziya kanallarından qadınlara qarşı törədilən dəhşətli, bir çox hallarda onların ölümü ilə nəticələnən faktlarla rastlaşırıq.
Başqa bir hal, yeniyetmə qızların qaçırdılmasına dair də xoşagəlməz faktlar vardır. 13-14 yaşında qızlarla ailə qurulur. Bir çox valideynlər Əfv məsələləri üzrə komissiyaya etdikləri müraciətə zorakılıq qurbanları tərəfindən yazılan ərizələri də əlavə edirlər. Guya ki, qızın onu oğurlayana, zorlayana qarşı iddiası yoxdur, o artıq onu oğurlamış adamla nikahdadır, hətta onlar ailə də qurublar. Bilirsiniz, bu ərizələrin səmimiliyinə o qədər də inam yoxdur. Sadəcə olaraq, oğurlanmış qız çox vaxt başqa çıxış yolu görmür və zəhləsi gedən adamla ailə qurmaq məcburiyyətində qalır. Yaxşı ki, hal-hazırda Cinayət Məcəlləsinə dəyişikliklər edilmiş və qızların valideyn evindən qaçırılmasına görə cəza sərtləşdirilmişdir.
Sonra, mənəvi zorakılıq faktlarına diqqət yetirək. Bir sıra kənd və hətta rayon mərkəzlərində valideynlər qızlarına yuxarı siniflərdə oxumağa və orta təhsilini başa çatdırmağa imkan vermirlər. Bizim sevimlimiz, çox hörmətli xanım Mehriban Əliyevanın qayğısı sayəsində kəndlərdə yeni tipli məktəblər tikilir. Bunun üçün böyük məbləğdə vəsait sərf edilir. Amma kəndlərimizi gəzin və diqqət yetirin, yuxarı siniflərdə qız görmək bəzən nadir hala çevrilir. Bəzi siniflər yarıbayarı boşdur.
Seksual xarakterli cinayətlər artıb, qadın alveri faktları xeyli dərəcədə çoxalıbdır. İş o yerə çatıb ki, Daxili işlər Nazirliyinin nəzdində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, habelə İnsan Alveri Qurbanlarının Reabilitasiya Mərkəzi yaradılmışdır. Yeri gəlmişkən onu da deyim ki, bu yaxınlarda Parisdə AŞPA-nın komitə iclasında iştirak eləyəndə qadın alverinə qarşı mübarizədə Daxili İşlər Nazirliyinin pozitiv təcrübəsindən danışmışam və mənim məlumatım orada çox müsbət qarşılanıb.
Hal-hazırda üzvü olduğum komissiyada Cənubi Qafqazda qadınların vəziyyəti haqqında məruzə hazırlanmışdır. Təəssüf ki, bu məruzədə Rusiya Dövlət Dumasının deputatı Vera Oskina qadın zorakılığı ilə bağlı Azərbaycana aid xoşagəlməz faktlar sadalayır. O qeyd edir ki, anonim ictimai rəy sorğusuna görə burada qadınların 80 faizi məişət zorakılığının, bu və ya digər halda, qurbanı olmuşdur. Buna baxmayaraq, onların yalnız az bir qismi hüquq mühafizə orqanlarına müraciət edir. Özü də bu, polisə inamsızlıq problemi deyildir, sadəcə, evin sirrini verməmək deyimində təcəssümünü tapan psixoloji hədd məsələsidir. Qadın, məlum həqiqətdir ki, hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra əksər hallarda uşaqlarının və ona qarşı zorakılıq törətmiş adamın olduğu ailəyə qayıdır.
Hesab edirəm ki, biz Bakıda və bir sıra regionlarda zorakılığa məruz qalmış qadınlar üçün xüsusi sığınacaq mərkəzləri yaratmalıyıq. Ombudsmana isə bu sahə ilə əlaqədar xüsusi səlahiyyətlər verilməlidir. Respublikamızın hökuməti bu dəhşətli hal ilə mübarizə sahəsində dövlət səviyyəsində səmərəli tədbirlər görməli və parlamentlə birlikdə milli fəaliyyət planı hazırlamalıdır. Milli Məclisin müvafiq komissiyaları “Məişət zorakılığı ilə mübarizə haqqında” qanun layihəsini hazırlamalıdırlar. Zənnimcə, geniş maarifləndirmə işinə üstünlük verilməli və ictimaiyyət, müəllimlər, həkimlər, jurnalistlər bu kampaniyaya cəlb edilməlidirlər. Demokratik dövlət üçün qətiyyən yolverilməz və rüsvayçı olan hallarla ancaq o vaxt səmərəli mübarizə aparmaq olar ki, məişət zorakılığı faktları əsasında cəmiyyətdə dözülməzlik mühiti yaradılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Elmira xanım. Mən hesab edirəm ki, arada, təbii ki, bura dəvət olunan müxtəlif qurumların rəhbərlərinə də söz demək lazım gələcək. Amma bir neçə millət vəkilinin çıxışından sonra onlara növbəti imkanı yaradacağıq. Sözü Aydın Mirzəzadəyə verirəm, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Bahar xanım. Mən Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasında iştiraka çox müsbət baxıram. Hesab edirəm ki, Avropa Şurasının fəaliyyət proqramının bir çox istiqamətləri kimi bu məsələdə də Azərbaycanın kifayət qədər deyiləcək sözü var. Amma məsələnin yalnız qadına qarşı zorakılıq istiqamətində müzakirə edilməsini bir o qədər məqbul hesab etmirəm.
Hesab edirəm ki, ümumilikdə, qadına münasibət məsələsi geniş aspektdə müzakirə edilsə, daha yaxşı olar. Çünki Azərbaycan xalqı həmişə qadına qarşı münasibətdə çox həssas bir mövqe tutub. Bunu bizim tariximizin, mədəniyyətimizin bugünkü reallığı da sübut edir. Bir çox qabaqcıl ölkələr qadına qarşı zorakı mövqe tutanda, Azərbaycan qadınları xanlıqların idarə edilməsində yaxından iştirak edirdilər. Məşhur qadın şairlərimiz, alimlərimiz var idi.
Azərbaycan qadını ictimai fikrin formalaşmasında böyük rol oynayır. Bu gün Azərbaycan qadını, ilk növbədə, ana kimi qəbul edilir. O, dünyanın müqəddəs insanı, oğul, qız, gəlin anasıdır. Yəni ana Azərbaycanda həmişə müsbət, yüksəkdə dayanan hörmətli, ehtiramı gözlənilən bir obraz olubdur. Bütün bu və ya digər məsələlər də ana obrazından qaynaqlanır. Mən hesab edirəm ki, ailədə qadına münasibət ana xislətinin doğurduğu münasibətdir.
Bununla yanaşı, həyatda qadına qarşı zorakılıq var, bu gün Avropa Şurası məhz bu məsələnin müzakirə edilməsini tövsiyə edir. Bunun da, əlbəttə, iqtisadi-sosial və psixoloji kökləri vardır. Mən hörmətli Elmira xanımın dediyi bir sıra faktlarla razılaşa bilmirəm. Onunla razılaşa bilmirəm ki, guya Azərbaycanda 13 yaşında qızlar ərə verilir, qadınların 80 faizi zorakılığa məruz qalır. Bu, mənim subyektiv fikrimdir, bununla razılaşa bilmərəm. Çünki burada xarici ölkə təmsilçiləri də iştirak eləyir, bizim müzakirəmiz geniş işıqlandırılacaq.
Qoy elə təsəvvür yaranmasın ki, Azərbaycanda insanların bir ayağı Avropada, o biri ayağı isə orta əsrlərdə ilişib qalıb. Biz hələ də 13 yaşında qızları ərə vermək istəyirik və bu məsələlərin çox böyük, ilk növbədə ictimai müzakirəyə ehtiyacı var. Mən çox arzulayıram ki, bizim bu gün parlamentdə əsasını qoyduğumuz müzakirələr cəmiyyətin müxtəlif təbəqələrində, müxtəlif kollektivlərdə keçirilsin, onlara müxtəlif təbəqələrdə münasibət bildirilsin. Qadınlara münasibətlə bağlı onu qeyd etmək istəyirəm ki, qadına qarşı zorakılığa yol verməməyin yolu, əlbəttə, ona müvafiq şəraitin, iqtisadi bazanın yaradılmasıdır. Əgər ailə başçısının işi varsa, qadın işləyirsə, mən hesab edirəm ki, artıq ailədə zorakılığa elə bir ehtiyac olmayacaq. Əgər yeni məktəblər tikilirsə, məktəbdə müasir elmlər öyrənilirsə, internetə çıxış varsa, artıq qadına qarşı zorakılıq olmayacaq. Qadına zorakılığın qarşısının alınması üçün müasir gəncliyin düzgün tərbiyə edilməsinin çox böyük rolu vardır. Çox təəssüf ki, biz gəncliyi qadına səmimi münasibət ruhunda tərbiyə etməyi sanki həyatın öz axarına buraxmışıq. Kim isə bu münasibətdə öz mövqeyini düzgün formalaşdırır, digəri isə əksinə, buna nail ola bilmir. Mənə elə gəlir ki, orta məktəblərdə bu mövzuda xüsusi fənnin tədris edilməsi vacibdir. Ayrıca olaraq oğlanlarda qadına, qıza, qızlarda isə oğlana, kişiyə, gələcək ailəyə münasibət psixologiyasının tərbiyə edilməsinə dair xüsusi bir fənnin keçilməsinə çox böyük ehtiyac vardır.
Diqqəti bir məsələyə də yönəltmək istəyirəm. Əgər biz müasir, sağlam ailənin əsasını qoymaq istəyiriksə, bu gün ailəni təmsil eləyən şəxslərin özünün ailə nümunəsini ortaya qoymalıyıq. Mənə jurnalistlər tez-tez şikayət edirlər ki, tanınmış insanların ailəsi, ailə münasibətləri haqqında material verməyə çox çətinlik çəkirlər. Elə ailələrin başçıları, sadəcə olaraq, belə faktları açıqlamaqdan imtina edirlər. Bu gün mətbuatımızda hökumət üzvlərinin, nazirlərin, deputatların, icra hakimiyyəti başçılarının öz həyat yoldaşına, öz qızına, ailəsinə olan münasibətlərinin işıqlandırılmasına böyük ehtiyac var və bunu etməliyik. Mən hesab edirəm ki, qızların ali məktəbə qəbul edilməsində xüsusi güzəştlərin tətbiq olunmasına böyük ehtiyac var. Təhsil qanunu müzakirə ediləndə mən öz təkliflərimi verəcəyəm. Təklifim budur ki, minimum keçid balı toplayan qızlar artıq öz istəklərinə uyğun olaraq ali məktəblərə, ilk növbədə, pedaqoji universitetlərin müvafiq fakültələrinə qəbul edilsinlər. Onlar heç nə yox, gələcək nəsli tərbiyə edəcəklər və bu baxımdan qızların təhsilli, bilikli olmasına böyük ehtiyac vardır. Azərbaycanın bu məsələdə müsbət mənada deməyə sözü var. Eyni zamanda, çatışmazlıqları görüb, onlara qarşı mübarizə aparmalıyıq. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Aydın müəllim. Hamı üçün yeni, bəlkə də bir çoxları tərəfindən qəbul edilməsi mümkün görünməyən fikirləri səsləndirdiyinizə görə. Dəyərli fikirlərinizin hamısı qəbul olunacaq, amma qızlara qəbulda güzəşt edilməsinə mən razı deyiləm. Elmdə güzəşt olmamalıdır. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Mən çıxış eləmək istəmirdim. Kampaniyaya qoşulmalıyıqsa, qoşulaq, ancaq mən Azərbaycanda qadına edilən zorakılıq, məişət zorakılığı məsələsində problem görmürəm. Çox üzr istəyirəm, Azərbaycan kişiləri bir o qədər biqeyrət, binamus deyillər ki, arvadlarını döysünlər, söysünlər. Bir-ikisi varsa da, onun da adını necə qoyuruq, biz özümüz bilirik.
Məni təəccübləndirən bir neçə rəqəm oldu. Deyildi ki, 80 faiz qadına qarşı zorakılıq var. Bu zalda 50 qadın oturur, onlar analarımız, bacılarımızdır. Deməli, bunlardan 40-ı gündəlik zorakılığa məruz qalır? Onda belə çıxır ki, burada oturan kişilərin də 80 faizi bayaq dediyimdəndir. Mən bunu qəbul edə bilmirəm və qəbul etmirəm. Əgər misal gətirirsinizsə, gərək dəqiq, düzgün olsun. Mən çoxdandır, cənub rayonlarında, bəzi dağ kəndlərində olmamışam, bəzi sərhəd kəndləri var, onların əhalisi müəyyən təsirlər altında yaşayır və oralarda dediyiniz faktlar mövcuddur. Amma gəlin gedək, mənim təmsil olunduğum Gəncəbasar zonasına. Oranın yuxarı siniflərinə baxaq. Qızlarla doludur.
Xanımlara, qızlara da böyük hörmət var. Xanıma, qıza, anaya, bacıya hörmət eləməyən kişi deyil, nakişidir. Çox üzr istəyirəm, bu millətin əksəriyyətini nakişi etmək də düz deyil. Qeyrətli kişilərimiz çoxdur, ayrı cür bir-ikisi varsa da, onların cavabını, payını veririk və nakişiliyini, biqeyrətliyini gözünə də soxuruq. Çox üzr istəyirəm sizdən.
Sədrlik edən. Valeh müəllim, təşəkkür edirəm. Hesab edirəm ki, artıq müasir demokratik cəmiyyətdə mənəvi kateqoriyadan qiymət vermək az qəbul olunur. Qanun mövqeyindən çıxış etmək daha məntiqli sayıldığı üçün biz bu müzakirəni açmışıq. Görünür, elə müzakirələrin əvvəldən bu şəkildə getməsi daha məqsədəuyğundur. Heç kəs “qadına qarşı zorakılıq edirəm” fikrini öz ünvanına qəbul etməsin. Biz də bunu istəyirik ki, Azərbaycan kişiləri belə olmadıqlarını həyatda sübut eləsinlər. Başqa fikirlər söyləməyə ehtiyac yoxdur.
Səməd müəllim, xahiş edirəm, qrupa daxil olan üzvlərlə bəyanat layihəsini hazırlayasınız. Mən növbəti sözü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verirəm.
H. Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Hörmətli millət vəkilləri, xanımlar və cənablar! XX əsrin ikinci yarısında insan hüquqları çərçivəsində təhlil olunan mühüm sahələrdən biri də elə qadın hüquqlarıdır. Müasir dövrdə qadın hüquqlarına, qadınların cəmiyyətdəki roluna münasibət dəyişilmişdir. Bu gün gender bərabərliyi, qadınlar üçün imkanların genişləndirilməsi, onların qərar qəbul etməkdə iştiraklarının artırılması ilə yanaşı, zorakılıqla mübarizə məsələlərinə daha çox önəm verilir.
Azərbaycanda qadınların imkanlarının genişləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin bu məsələlərə xüsusi diqqətinin göstəricisidir. Onun təşəbbüsü ilə ölkəmizdə hələ 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycanda qadınların rolunun artırılması və onların dövlət siyasətində iştirakının gücləndirilməsi haqqında fərman imzalanmış, ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi sahəsində mühüm tədbirlər görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin 2006-cı il 6 fevral tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmış və onun fəaliyyət istiqamətləri genişləndirilmişdir. Hazırda komitə hər üç sahədə dövlət siyasətini həyata keçirən və müvafiq istiqamətdə inkişafı təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.
Hörmətli millət vəkilləri! Bizim bugünkü müzakirəmiz Azərbaycan dövlətinin qadın hüquqları ilə bağlı məsələlərə xüsusi münasibətinin bariz nümunəsidir. İmkandan istifadə edərək mən bu tədbirin təşkilinə və burada çıxış etmək imkanına görə Milli Məclisin deputatlarına, ilk növbədə Milli Məclisin Sədri cənab Oqtay Əsədova dərin minnətdarlığımı bildirirəm.
Məlumdur ki, qadınlara münasibətdə zorakılığın qarşısının alınması bütün dünyada narahatlıq doğuran aktual məsələlərdən biridir. Bu cür zorakılıq insan hüquqları və əsas azadlıqlarının pozulması ilə yanaşı, digər hüquqlardan istifadə edilməsinə, bərabərlik və inkişaf məqsədlərinə ciddi mane olan amil kimi qəbul olunmuşdur. Müxtəlif sahələrdə aparılmış tədqiqatlar qadınlara qarşı zorakılığın xarakter və miqyası haqqında daha aydın təsəvvür yaratmağa, onun fəsadları və ümumilikdə, cəmiyyətə göstərdiyi təsiri düzgün qiymətləndirməyə imkan verir.
Qadınların məruz qaldıqları zorakılıqların səbəbləri müxtəlif istiqamətlərdə təbliğ edilmiş və belə bir nəticə hasil olmuşdur ki, bu hal fərdi, milli, regional və ümumdünya səviyyəsində mövcud olan mənfi amillərin nəticəsidir. Zorakılığın əsas səbəbləri yoxsulluq, qadının maddi və psixoloji asılılığı, ailə mədəniyyətinin aşağı səviyyədə olması, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış stereotiplərdir ki, biz onları artıq eşitdik.
Qadınları zorakılıqdan müdafiə etmək məqsədi ilə cəzadan yayınma hallarının qarşısının alınması, qadınların məhkəmə qaydasında müdafiə olunmasının daha da gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Zorakılığı törətmiş şəxsin məsuliyyətə cəlb edilməməsi bu cinayətin qurbanı olmuş şəxsin vəziyyətini çətinləşdirir. Bununla yanaşı, cəmiyyətdə belə bir mənfi rəy formalaşır ki, qadınlara qarşı zorakılıq qeyri-adi hal deyil. Təəssüf ki, bəzən hüquq mühafizə orqanları da məsələnin ailənin şəxsi münasibətlərinə aid olduğunu əsas gətirərək, qarışmamağa üstünlük verirlər.
Qadınlara qarşı zorakılığı bəzən qəbul olunan sosial fakt kimi qeyd edən beynəlxalq təşkilatların tövsiyələrində formalaşmış stereotiplərin dəyişilməsi zəruriyyəti vurğulanır. Bu məsələlər dəfələrlə nüfuzlu beynəlxalq forumlarda müzakirə edilmiş, müvafiq tövsiyələr və rəhbər prinsiplər qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə 25 noyabr Qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi elan edildi.
Zorakılığın qarşısının alınması qanunvericiliyin təkmilləşdirilməsi, ədalətli mühakimənin təmin edilməsi, səmərəli iqtisadi, sosial təhsil və əhalinin maarifləndirilməsi sahəsində fəaliyyəti gücləndirməyi tələb edən prosesdir. Bunun üçün xüsusi qanunvericilik və çoxşaxəli milli planların hazırlanması zəruridir. Digər tərəfdən ictimai fikrin formalaşmasında mühüm rola malik olan şəxslər və təhsil müəssisələri tərəfindən yüksək mədəniyyətə əsaslanan ailə münasibətləri, qadınlara qarşı hörmət, zorakılığın yol verilməzliyi, qadınlara münasibətlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması təbliğ edilməlidir. Eyni zamanda, bu problem üzərində işləyən dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının daha da sıx əməkdaşlıq etməsi mühüm məsələlərdəndir. Beynəlxalq birlik tərəfindən qadınlara edilən zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən davamlı tədbirlərdən biri də, ailə zorakılığı da daxil olmaqla, Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasıdır.
Mən Avropa Şurasının Baş katibi Terri Devisin şəxsi dəvəti ilə 2006-cı il noyabrın 27-də kampaniyanın başlanması ilə əlaqədar Madriddə keçirilmiş konfransda ölkəmizi təmsil etmişəm. Qeyd etməliyəm ki, bu kampaniyada hər bir üzv dövlət zorakılığın qarşısını almaq, onunla mübarizə üzrə həyata keçirilən tədbirləri inkişaf etdirmək, əldə olunmuş nailiyyətlərin mütəmadi olaraq monitorinqini aparmaq, maarifləndirmə işini gücləndirmək kimi öhdəlikləri yerinə yetirir.
Azərbaycan region ölkələri arasında həmin konfransda təmsil olunan yeganə ölkə olmuşdur. Azərbaycanın nümayəndə heyəti konfransdakı çıxışında ölkəmizdə bu sahədə mövcud olan vəziyyət, həyata keçirilən tədbirlər, əldə edilmiş nailiyyətlər və çətinliklər barədə iştirakçılara ətraflı məlumat vermiş və müvafiq təkliflər irəli sürmüşdür. Avropa Şurası zorakılığın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin kifayət etmədiyini nəzərə alaraq əlavə vasitələrdən istifadə edilməsi qənaətinə gəlmişdir. Avropa Şurasına daxil olan bütün ölkələr bu kampaniyaya qoşularaq iki il ərzində əldə etdikləri nailiyyətləri göstərməlidirlər. Mən onu da qeyd etmək istərdim ki, son 10 il ərzində bir çox dövlətlər qadınlara qarşı zorakılığın müxtəlif formalarının ləğv olması ilə əlaqədar qanunlar qəbul etmişlər. Hal-hazırda 89 ölkənin qanunvericiliyində məişət zorakılığı ilə əlaqədar konkret hüquqi normalar öz əksini tapmışdır. Amma 102 ölkənin qanunvericiliyində ailə zorakılığı ilə bağlı heç bir hüquqi norma mövcud deyildir.
Çox yaxşı bir haldır ki, Azərbaycanda qadınlara qarşı zorakılığın bütün formalarının ləğv edilməsi dövlətin siyasətinin prioritet istiqamətlərindəndir. Xüsusi ilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çox əhəmiyyətli uğurlar əldə edilmişdir. Bu gün Azərbaycan qanunvericiliyi qadın hüquqları və gender bərabərliyi ilə bağlı dövlətimizin qoşulduğu beynəlxalq saziş və konvensiyalardan irəli gələn öhdəliklərini tam şəkildə əks etdirir. Qadınlarımızın öz hüquqlarını bilməməsi təcrübədə bir çox çətinliklərin yaranmasını şərtləndirir.
Komitəmiz tərəfindən yaradılmış işçi qrupu məişət zorakılığının qarşısının alınması haqqında qanun layihəsi hazırlamış və həmin layihə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilmişdir. Eyni zamanda, Avropa Şurasının 2006-cı il iyunun 21-də qəbul etdiyi məişət zorakılığı da daxil olmaqla, qadınlara münasibətdə zorakılığın qarşısının alınması haqqında fəaliyyət planı Azərbaycan dilinə tərcümə edilmişdir. Bu sənəd müvafiq dövlət orqanlarında və ictimaiyyətdə yayılmaqdadır.
Hörmətli millət vəkilləri, BMT-nin təşkilatları ilə əməkdaşlıq çərçivəsində komitəmiz tərəfindən ailə və qadın problemləri üzrə milli fəaliyyət planı hazırlanmış və aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müzakirə edilmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə respublikada hazırlanmış kompleks proqram təsdiqlənmə mərhələsindədir. Həmin proqramın məqsədi əhalinin şəxsi və ictimai həyatının müxtəlif sahələrində xüsusi tədbirlər vasitəsi ilə ailə zorakılığının azalması və zorakı davranış formalarının qarşısının alınmasıdır.
Zorakılığın qarşısını almaq üçün əsas şərtlər qadın hüquqlarının müdafiəsi, qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılması, qadın və kişilər arasında real bərabərliyin təmin olunmasıdır. Bu baxımdan 2006-cı il oktyabrın 10-da qəbul olunmuş “Gender kişi və qadınların bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyəti çox böyükdür. Mən fürsətdən istifadə edərək Milli Məclisin deputatlarına bu qanunun hazırlanması və qəbul edilməsində göstərdikləri səyə görə öz minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Qanunun tətbiq edilməsi barədə 2006-cı il 29 noyabr tarixli 484 saylı fərmanına əsasən komitəmizin ölkəmizdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti icra edən orqan müəyyən edilməsi bizim səlahiyyət və məsuliyyətimizi daha da artırmışdır. Göstərilən etimada görə möhtərəm Prezidentə öz dərin minnətdarlığımızı bildirir və onu bu etimadı doğruldacağımıza əmin edirik.
Lakin, – bəlkə sizin xəbəriniz yoxdur, – 2006-2015-ci illər üçün yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə Dövlət Proqramında gender məsələləri ayrıca bir bölmə kimi müəyyənləşdirilmişdir. Proqrama gender əsaslı zorakılığın qarşısının alınması, erkən nikahların mənfi nəticələrinin aradan qaldırılması, maarifləndirmə işlərinin aparılması, monitorinqlərin keçirilməsi və digər mühüm tədbirlərə dair komitəmizin hazırladığı təkliflər daxil edilmişdir. Həmçinin komitə tərəfindən qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı beynəlxalq konvensiyanın maddələrinə uyğun dövri hesabat hazırlanaraq BMT-nin aidiyyəti qurumuna təqdim edilmişdir. Bunun çap olunaraq kütlələr arasında yayılması da təşkil edilmişdir.
Komitəmizin qadınlara qarşı zorakılıqla mübarizə sahəsində fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Biz bu zorakılığın mahiyyətini, onunla mübarizə yollarını, bu sahəyə dair hüquqi aktları əks etdirən kitablar, zorakılıqla mübarizəyə zövq edən plakatlar çap edir, kütlələr arasında yayır, bu yolla maarifləndirmə işini gücləndirməyə çalışırıq. Eyni zamanda, qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq gün ərəfəsində silsilə tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlərdə millət vəkilləri, QHT-in nümayəndələri, ekspertləri, yerli icra hakimiyyəti, hüquq mühafizə və məhkəmə orqanlarının nümayəndələri də iştirak etmişlər.
Zorakılıq hallarının baş verdiyi əsas regionlarda biz tərəfdən maarifləndirmə məqsədi ilə kurslar və seminarlar keçirilmişdir. Bu tədbirlərdə zorakılıq faktlarına, yerlərdə baş vermiş zorakılıq hadisələrinə toxunmuş, onların törədilmə səbəbləri geniş müzakirə edilmişdir. Təkliflər əsasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması mərkəzlərinin regional şöbələrinin yaradılmasına və psixoloqların hazırlanmasına diqqət artırılmış, narkomaniya və spirtli içkilər əleyhinə tədbirlər həyata keçirilmişdir. Bu və ya digər məsələlər böyük maraq doğurmuşdur.
Komitəmizin BMT-nin əhali fondunun Bakı ofisi ilə birgə layihəsi çərçivəsində qadınlara qarşı zorakılıqla mübarizəyə həsr edilmiş regional seminarlar təşkil edilmişdir. Həmin layihə üzrə 2006-cı il noyabrın 23-də keçirilən konfransda zorakılıq əleyhinə videoroliklər hazırlanmış və onlar televiziya kanallarında mütəmadi nümayiş etdirilmişdir. Həmçinin televiziya kanalları ilə birlikdə əməkdaşlığımızın nəticəsi olaraq bizə qadınlara qarşı zorakılıq mövzusunda əlavə materiallar əldə etmək, yeni verilişlər hazırlamaq üçün müntəzəm müraciətlər olur.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır. Ermənistanın təcavüzü zamanı bir çox azərbaycanlı qadınların etnik mənsubiyyətinə görə əsir və girov götürülməsi, zorakılığa məruz qalması barədə həqiqətlərin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə 2006-cı il noyabrın 24-də komitəmizin Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə dəyirmi masası təşkil edilmişdir. Bu tədbirdə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən azərbaycanlı qadınlara qarşı törədilmiş vəhşiliklərlə əlaqədar birgə bəyanat qəbul olunmuşdur. Həmin sənəd BMT-nin Qaçqınlar və İnsan Hüquqları üzrə Ali komissarlıqlarına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına ünvanlanmışdır.
Hörmətli millət vəkilləri! Çıxışımın sonunda demək istərdim ki, qadına qarşı zorakılıqla mübarizə istiqamətində bütün dövlət, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə, hüquq mühafizə və məhkəmə orqanları səylərini birləşdirməlidirlər. Qadın hüquqları sahəsində görülməli işlər hələ çoxdur. Biz əldə olunan fəaliyyətimizlə kifayətlənməli, səylərimizi daha da artırmalıyıq. Mövcud olan boşluqları və çatışmazlıqları aradan qaldırmaq üçün zəruri tədbirlərimiz bundan sonra da davam edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Hicran xanım! Mən dəvət olunmuş qonaqlardan xahiş edirəm ki, çıxış zamanı 10 dəqiqəlik reqlamentə əməl etsinlər. Biz sizin çıxışlarınızı kəsmək istəmirik, amma millət vəkillərinin də vaxtından gedir. Söz millət vəkili Bəxtiyar Sadıqova verilir.
B. Sadıqov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanimlar və cənablar! Çox ağrılı, çox vacib mövzudur. Milli Məclisin iclaslarından birinin xüsusi olaraq qadın mövzusuna həsr olunmasını, ona qarşı zorakılığın əleyhinə çıxan bir iclas keçirməyimizi çox təqdir eləyirəm. Qadın deyəndə, bəli, ilk növbədə anamız, bacımız gözümüzün önünə gəlir və hər bir insan, hər bir azərbaycanlı kişisi də qadına məhz bu mövqedən, bu məqamdan yanaşır.
Mən hörmətli həmkarım Aydın Mirzəzadənin o fikrini dəstəkləyirəm ki, təkcə qadına qarşı zorakılıq mövzusu ilə bugünkü müzakirəni məhdudlaşdırmaq olmaz. Mən istəyərdim ki, bütövlükdə Azərbaycan qadını mövzusunda söhbət eləyək. Əlbəttə, mən belə bir fikrin də tərəfdarı deyiləm ki, Azərbaycanda qadına qarşı zorakılıq elə bir fəlakət həddinə çatıb ki, həyəcan təbili çalmaq lazımdır. Yəni bir sıra müxtəlif beynəlxalq təşkilatların, bayaq burada çıxışlarında fikirlərini deyənlərin qeyd elədikləri kimi, o faktları həddindən çox şişirtmələrini, buna boyalı təsvirlər vermələrini mən qəbul eləmirəm. Bu belə deyil.
Bəli, Azərbaycanda qadınlara qarşı zorakılıq halları var. Qadınlara kütləvi zorakılıq tətbiq olunub və onun, belə deyək, davamını bu gün də görürük. Bu zorakılığı eləyən isə, şübhəsiz, işğalçı Ermənistandır. Ana üçün onun balasını şəhid eləməkdən dəhşətli hansı zorakılıq ola bilər? Qadını öz evindən, el-obasından, gündəlik həyatından, məişətindən qoparıb onu qaçqınçılıq, köçkünlük güzəranına məruz qoymaqdan, bu cür yaşamağa məcbur eləməkdən böyük nə zorakılıq ola bilər? Bax bu mənada, bəli, Azərbaycanda qadına qarşı zorakılıq olubdur. Bu günün özündə də azərbaycanlı qadınlarının bir çoxu çox ağır bir vəziyyətdə – yataqxanalarda, ictimai binalarda yaşayırlar.
Dövlətimiz bu sahədə kütləvi tədbirlər həyata keçirir. Yeni şəhərciklər salınır, məişət yaxşılaşdırılır, qadınlara hər bir şəkildə, həm maddi, həm də mənəvi dəstək var. Onun həyatının yüngülləşdirilməsi istiqamətində işlər gedir. Amma Azərbaycan qadınının qəlbinə vurulan yara, bu gün də sağalmayıb. Bax, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu gün də Azərbaycan qadınını zülmdən, əsarətdən qurtarmağa, respublikamızın işğal olunmuş torpaqlarını qaytarmağa çalışmalıdırlar. Məncə bu, qadınlara bütövlükdə ən böyük köməkdən, ən böyük yardımdan biri olar.
Mən istəyirəm, burada iştirak edənlərin diqqətini daha çox mətbuat və qadın probleminin işıqlandırılmasına yönəldim, bir neçə kəlmə də bu barədə danışım. Mətbuatda qadın mövzusu necə işıqlandırılır? Mətbuatı vərəqləyəndə bir neçə məqam diqqəti cəlb eləyir. Birinci, bu mövzu daha çox, əsasən, sensasiya xarakterli qəzet səhifələrinə çıxarılır. Bu, mən deyim, bəlkə də bizim adət-ənənəmizdən, mentalitetimizdən irəli gəlir. Yəni biz qadına qarşı zorakılığı görməmişik, bunu qəbul etmirik. Hər dəfə belə bir hal baş verəndə, dərhal biz qəzetçilər istəyirik, onu bir səs-küylü şəkildə ictimaiyyətə təqdim eləyək ki, buyurun baxın, görürsünüz, qadına qarşı belə hərəkət olub.
İkinci, qəzet səhifələrinə qadın mövzusu daha çox qadın alveri formasında, yəni o cür faktlarla bağlı çıxarılır. Bu mövzunun qəzet səhifələrində işıqlandırılması bütövlükdə mən deyərdim, səriştəsiz və qeyri-peşəkarcasına edilir. Yəni qeyri-müntəzəm, məsələlərin qoyuluşu düzgün seçilmədən, daha çox şişirdilərək, bayaq qeyd elədiyim kimi, sensasiya baxımından işıqlandırılır. Burada, əslində, maarifləndirmə olmalıdır. Jurnalistlər bu mövzuları azərbaycanlı qadının halına yana-yana, onu anlamaq şəklində qəzet səhifəsinə çıxarmalıdırlar. Ayrı-ayrı, tək-tək, xüsusən qadınların, qızların kiçik yaşlarda ərə verilməsi ilə bağlı faktları tez-tez qəzet səhifəsinə verib ümumi bir mənzərə yaratmaq düzgün deyil. Belə yazıların verilməsi, az qala kütləvi hal almışdır, yəni belə bir təsir bağışlayır. Mən belə hesab edirəm ki, mətbuat işçiləri daha çox xüsusi ilə qadın, qeyri-hökumət təşkilatları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqəli şəkildə işləməlidirlər. Bu halda mövzu düzgün işıqlandırılar.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Çıxış üçün söz Pənah Hüseynə verilir.
P. Hüseyn. Təşəkkür edirəm. Əlbəttə, mühüm bir məsələ müzakirə olunur, biz bu gün müqəddəs bir varlıq haqqında danışırıq. Mənim üçün qeyd eləmək çox xoşdur ki, müstəqil Azərbaycanın yaradıldığı ilk dövrdən başlayaraq Azərbaycanın milli demokratik qüvvələri bu istiqamətdə çox ciddi fəaliyyət göstərmişlər.
Mən çox böyük minnətdarlıqla mərhum professor Dilarə Əliyevanın Azərbaycanda ilk olaraq Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətini yaratmasını xatırlayıram. Bu gün həmin cəmiyyətə Novella Cəfərova rəhbərlik edir, orada onun başçılığı ilə indi də bu sahədə böyük işlər görülür. Amma gəlin, biz bu məsələyə yanaşmanı bir qədər dəyişək. Çünki bu da faktdır ki, məhz müstəqillik illərində Azərbaycan qadınının sosial statusu bir qədər aşağı düşmüşdür. Bu, ilk növbədə, şübhəsiz ki, kollektiv təsərrüfatların ləğv edilməsi, müəssisələrin bağlanması, qadınların arasında işsizliyin artması ilə əlaqədar olmuşdur. Ailənin maddi təminatında qadının rolu azaldıqca, məişətdə də ona qarşı münasibətdə müəyyən dəyişikliklər yaranmaya bilməzdi. Bu, hazırda da özünü göstərməkdədir. Mən və bir sıra deputatlar dəfələrlə Milli Məclisdə çıxış edərək qadınların ailədə, yəni bizim Konstitusiyada təsbit olunduğu kimi, cəmiyyətin özəyini təşkil edən bir qurumda rolunun artırılmasına dair təkliflər vermişik. Demişik ki, onlara əlavə sosial güzəştlərin verilməsi, ailədəki, yəni evdar qadın əməyinin, ana əməyinin qanunçuluqda təsbit olunması vacib məsələdir. Bunun belə bir şəkildə qiymətləndirilməsi və dəyərləndirilməsi, bəli, biz tərəfdən irəli sürülmüşdür. Konkret olaraq bilirsiniz ki, uşaq pullarının ləğvi bu sahədə nə qədər ciddi problemlər yaratmışdır. Bu, mütləq bərpa olunmalıdır, çünki analara dövlət tərəfindən verilən bir haqdır.
İkincisi, uşaqların böyüdülməsinə görə qadınların əməyi mütləq onların iş stajına daxil edilməli, onlara sosial sığorta qaydasında ödənişlər verilməlidir ki, müəyyən müddətdən sonra qadınların pensiya təminatında əmələ gələn, indi ciddi şəkildə müşahidə elədiyimiz problemlər olmasın. Ümumiyyətlə, ailədə fəaliyyət göstərən, çalışan qadınlara işsiz statusunun verilməsi, məsələn, ünvanlı sosial yardımla bağlı onlardan müəyyən sənədlərin tələb olunması, öhdəsində bir neçə məktəb yaşlı uşaqlar olan qadınlara müəyyən idarələrdə bu və ya digər fiziki, ağır işlərin təklif olunması kimi hallara da son qoyulmalıdır. Bu addımları atmadan, bir daha təkrar edirəm, ümumilikdə, qadınların cəmiyyətdə, ailədə sosial statusunu artırmadan bu gün müşahidə elədiyimiz məişət zorakılıqlarını da birdəfəlik aradan qaldırmaq mümkün olmayacaqdır. Şübhəsiz, bu məsələnin digər tərəfi də bizim əsas nailiyyətimiz sayılan, Azərbaycan xalqının milli sərvəti, milli üstünlüyü olan ailələrin möhkəmlənməsinə xidmət etməyəcəkdir.
Biz çox təəssüflə qeyd edirik ki, son illərdə boşanmalar nəticəsində ailələrin dağılması haqqında statistik rəqəmlər ciddi narahatlıq doğurmaqdadır. Hətta məişət zorakılığı məsələlərini müzakirə edərkən, bunların təbliğatını apararkən, bu sahədə müsbət işlər görərkən elə etmək lazımdır ki, məsələ sonda ailənin möhkəmlənməsinə xidmət eləsin. Əksinə, deyək ki, hər hansı bir xırda məsələyə görə müəyyən narazılıqların dərhal məhkəməyə çıxarılması və hüquq mühafizə orqanlarının araşdırma predmetinə çevrilməsi bir sıra hallarda, şübhəsiz, həmin ailənin dağılmasına, ailə münasibətlərinin pozulmasına gətirib çıxarır. Ona görə də biz, hətta bir sıra beynəlxalq təşkilatların irəli sürdüyü bəzi təklifləri qəbul edərkən öz maraqlarımızı və milli adət-ənənələrimizi mütləq nəzərə almalıyıq. Azərbaycan xalqının ailə adətləri və İslam dininin bu sahədəki qaydaları düzgün təbliğ olunsa və yayılsa, bunlar da ailənin möhkəmlənməsinə ciddi kömək edə bilər.
Sonda bir məsələni mütləq qeyd etməliyəm. Əlbəttə, son dövrlərdə bir çox sahələrdə qadına zorakılıq hallarına rast gəlirik. Biz bir sıra siyasi xarakterli kütləvi aksiyalar zamanı qadınlara qarşı polis zorakılığını müşahidə eləmişik. Bunu görən vətəndaş, uşaq, oğlan, kişi həmin zorakılığı öz ailəsində davam etdirməlidir. Bu yaxınlarda çox rüsvayçı bir halı müşahidə elədik. Bir ay bundan əvvəl bir neçə Azərbaycan qadınına bir günlük iş kəsdilər. Qadın hüquq təşkilatlarının böyük səylərinə baxmayaraq, onlar azad olunmadılar. Bu cür hallara da son qoyulmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Pənah müəllim. Çıxış üçün söz respublikanın Baş prokurorunun birinci müavini Rüstəm Usubova verilir. Buyurun.
R. Usubov, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini.
Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bugünkü dinləmələr olduqca aktual, həllini çoxdan gözləyən bir məsələ ilə bağlıdır. Qadınlara qarşı zorakılıq bu gün təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan bir problemdir. Qadınlara qarşı zorakılıqla mübarizəyə dair qəbul olunmuş çoxsaylı beynəlxalq sənədlər dediklərimi bir daha təsdiq edir.
Təbii ki, bu problem Azərbaycandan yan keçməmişdir. Görülən tədbirlərə baxmayaraq, qadınlara qarşı zorakılıqla mübarizə tam həllini tapmamışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın hüquqlarının müdafiəsi ilə əlaqədar bir sıra mühüm qanunvericilik aktları qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququnu elan edən 25-ci maddəsi kişi və qadının eyni hüquq və azadlıqlara malik olmasını, 34-cü maddəsi nikahın könüllü razılıq əsasında bağlanılmasını və qadının zorla ərə verilməsinin yolverilməzliyini, ailədə ər ilə arvadın hüquqlarının bərabərliyini təsbit etmişdir. Dövlət qanunvericiliklə təsbit olunmuş hüquqlarla kifayətlənməyib, onlar üçün güzəştlər də müəyyənləşdirmiş və icrasını real təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi cinayət məsuliyyətinə cəlb edilmiş hamilə və 8 yaşınadək uşağı olan qadınlara ictimai işlərə cəlbedilmə və azadlıqların məhdudlaşdırılması, habelə cinayət törətmiş bütün qadınlara ömürlük azadlıqdan məhrum etmək kimi cəzaların təyin edilməsinə yol vermir. Bundan əlavə məcəllədə cinayətin hamilə qadın tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallara aid edilir. Hamilə və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi isə cinayət prosesini aparanın çağırışlarına üzrlü səbəb olmadan gəlməyən hamilə qadınların məcburi gətirilməsini qadağan etmişdir. Əlbəttə, cinayətin tətbiqi ilə əlaqədar qadınlar üçün sadalan hüquq və güzəştlər göstərilənlərlə qurtarmır. Ailə daxilində baş vermiş zorakılıqla bağlı xüsusi qanun olmasa da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlə güclü fiziki, ağır və ya psixi iztirablar vermə, qəsdən sağlamlığa müxtəlif dərəcəli zərər vurma məqsədi ilə edilən zorakılıqla bağlı məsuliyyəti nəzərdə tutan bir neçə, o cümlədən 16-127-128 və 130-cu maddələr vardır. Cinayət Məcəlləsinin 125-ci maddəsi təqsirkardan maddi xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürmə dərəcəsinə çatdırmağa görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlbetmə qohumluq dərəcəsindən asılı olmayaraq bütün şəxslərə şamil edilir.
Cinayət Məcəlləsində zorlama ilə bağlı 149-cu maddə, cinsi zorakılıqla bağlı 108-ci maddə, məcburi hamiləliklə bağlı 108-1-ci maddə mövcuddur. Zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə cinsi əlaqədə olma kimi müəyyən edilmiş zorlama əməlinə görə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Həmin maddənin tövsifedici əlamətləri üçün isə sanksiya daha ağırdır. Məcəllədə həmçinin seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, əxlaqsız hərəkətlər, fahişəliyə cəlbetmə kimi maddələr də qadınlara qarşı zorakılıqla mübarizəyə yönəlmişdir.
Maddi amillərlə bağlı olan, habelə hərbi münaqişə səbəbindən yaranan qadın alveri də ciddi problemdir. Azərbaycan insan alveri üçün mənbə və tranzit ölkə rolunu oynayır. Qadınlar, əsasən, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılırlar. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin may ayında qəbul etdiyi fərmana əsasən aidiyyəti dövlət orqanları insan alverinin qarşısının alınması üzrə milli fəaliyyət planını həyata keçirmişlər. İlk dəfə olaraq milli fəaliyyət planında insan alverinin qurbanları zərərçəkmiş şəxslər kimi qəbul olunmuş, onların təhlükəsizliyi və hüquqlarının qorunması üçün normativ aktların qəbul edilməsi nəzərdə tutulmuşdur. 2005-ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ona uyğun olaraq 30 sentyabr 2005-ci ildə Cinayət Məcəlləsinə insan alverinə dair 144-1-ci maddə əlavə olunmuş, bu hərəkətləri törədən şəxslərin məsuliyyəti müəyyən edilmişdir. Əlbəttə, məqsədim yalnız qanunvericilik barədə sizə məlumat vermək deyil, həm də həmin qanunların icrası ilə əlaqədar görülən işləri nəzərinizə çatdırmaqdır.
Qadınlara qarşı törədilmiş cinayətlər barədə aşağıdakı statistik məlumatları diqqətinizə çatdırmağım, yəqin ki, sizin üçün maraqlı olacaqdır. Belə ki, 2005-ci ildə 5006, 2006-cı ilin 11 ayı ərzində 4823 qadınlara qarşı törədilən cinayət hadisəsi qeydə alınmışdır. O cümlədən hamilə qadınlara qarşı müvafiq olaraq qeyd olunan dövrlərin hər birində 4 cinayət hadisəsi qeydə alınmışdır. Qadınların alveri ilə bağlı 2005-ci ildə 28, 2006-cı ilin 11 ayı ərzində isə 76 cinayət hadisəsi qeydə alınmışdır. Hər bir fakt üzrə müvafiq tədbirlər görülmüşdür. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının 2000-ci ildə qəbul edilən yeni Cinayət Məcəlləsi, əvvəlki məcəllədən fərqli olaraq, qadının evlənmək məqsədi ilə oğurlanmasını ayrıca norma kimi deyil, adam oğurluğuna görə məsuliyyət müəyyən edən 144-cü maddənin tərkibində nəzərdə tutmuşdur. Bu da qadının iradəsinə zidd olaraq evlənmək məqsədi ilə oğurlanması hallarının qarşısının alınmasında dövlətin xüsusi diqqət göstərməsini təsdiq edir.
Hörmətli millət vəkilləri! Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq qadınlar tərəfindən törədilmiş cinayətlərə görə cəza siyasətində onlara azadlıqdan məhrum etməklə bağlı olmayan cəza tədbirlərinin təyin edilməsinə üstünlük verir. Belə ki, 2005-ci ildə məhkum edilmiş 1010 qadından 833-nə, yəni 82 faizinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmişdir. 2006-cı ilin 11 ayı ərzində isə məhkum edilmiş qadınların 78 faizinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin edilmişdir. Lakin bütün bu sadalananlarla yanaşı qeyd olunmalıdır ki, qadınlara qarşı törədilən zorakılıqla mübarizə insan hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır. Onların kompleks şəkildə həyata keçirilməsi daha məqbul nəticələrin əldə olunmasına xidmət etmiş olardı.
Tədbirlər, zənnimcə, aşağıdakılardan ibarət olmalıdır. İlk növbədə qadınların hüquqlarının müdafiəsinin əlavə təminatları haqqında qanun layihəsi işlənilib hazırlanmalıdır. Bu prosesə fəaliyyət istiqamətləri üzrə həm dövlət qurumlarının, həm də problemlə daha yaxından məşğul olan qeyri-hökumət və beynəlxalq təşkilatların cəlb edilməsi daha mükəmməl qanunun ortaya çıxmasına səbəb olardı. Bu cür qanunun qəbul edilməsi zorakılıq qurbanlarının reabilitasiyası və qadınlara qarşı zorakılığın qarşısının alınması, dövlət və qeyri-dövlət qurumları arasında sistemin yaradılmasına imkan verməli və bu sahədə dövlətin siyasi iradəsini nümayiş etdirməlidir.
Qanunun icra mexanizmi zorakılığın qurbanları üçün böhran mərkəzlərinin, sığınacaqların, inam telefon əlaqəsinin və ya qaynar xətlərin təşkil edilməsi və onlara maddi, psixoloji və hüquqi yardım göstərilməsi, zor tətbiq etmiş şəxslərin məhkəmə təqibinin həyata keçirilməsinin asanlaşması, ictimai təfəkkürə təsir göstərilməsi üçün hüquqi zəmin yaratmalıdır. Lakin qadınlara qarşı zorakılıqla mübarizə yalnız qanunvericilikdə dəyişikliklər aparmaqla kifayətlənə bilməz. Etiraf etmək lazımdır ki, heç də hər bir qadın ona qarşı edilən zorakılıqla bağlı qanunun köməyindən istifadə etməyə meyilli deyildir. Belə hallar bizim milli düşüncəmizlə bir qədər əlaqələndirilsə də, digər tərəfdən zorakılığa məruz qalmış şəxsin yaxın adamı, yaxud qohumu tərəfindən yeni zorakılıq hallarının təkrarlanması qorxusundan da əmələ gəlir. Zənnimcə, maarifləndirmə işlərinin daha geniş miqyaslı aparılması, psixoloqların peşəkar köməyindən istifadə edilməsi daha məqbul bilinməlidir. Eyni zamanda, zorakılığın qarşısının alınması ilə bağlı potensial qurbanlar arasında da geniş maarifləndirmə işləri aparılmalıdır. Hüquq mühafizə, o cümlədən polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hüquq maarifləndirmə tədbirlərinin təşkilini önəmli hesab edirik. Eyni zamanda, göstərilən problemin həlli zamanı qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək məqsədəmüvafiq olardı.
Bir məsələni də qeyd etmək istərdim. Hazırda hüquq mühafizə orqanlarında, polisdə, prokurorluqda çalışanların əksəriyyəti kişilər olduğu üçün qadınlar ailədə olan zorakılıq məsələsi barədə onlara müraciət etməyə çəkinirlər. Bu səbəbdən hüquq mühafizə orqanlarında işə qadınların cəlb edilməsi, onların qadınlara qarşı edilən zorakılıqla bağlı məsələlərdə ixtisaslaşdırılması bu orqanların kadr siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Zənn edirəm ki, dövlətimizin bugünkü istər iqtisadi, istər siyasi və istərsə də hüquqi inkişafı yaxın gələcəkdə müzakirə olunan problemin həlli üçün tam təminat yaratmağa, qeyd olunan bəzi çatışmazlıqların aradan qaldırılmasına nikbin baxmağa imkan verir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rüstəm müəllim. İndicə dinlədiyimiz çıxışda göstərilən faktlar, rəqəmlər bu zorakılığın nə qədər geniş miqyaslı olduğunun göstəricisidir. Rüstəm müəllimin qeyd etdiyi kimi, hələ nəzərə alsaq ki, qadınlar bu kimi faktları açıqlamağa az meyillidirlər, onda bu faktların daha çox olduğunu təsəvvür etmək mümkündür. Ona görə də mütəxəssislərin rəyinin burada eşidilməsi məqsədəuyğundur. Çox maraqlı fikir və təkliflərinizə görə Sizə təşəkkür edirik, Rüstəm müəllim. Çıxış üçün söz Xanhüseyn Kazımlıya verilir.
X. Kazımlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ümumiyyətlə, qadınlara qarşı münasibət, zorakılıq, o cümlədən məişət zorakılığı halları həyatın bir reallığı kimi dünyanın hər yerində mövcuddur. Yəqin ki, bizim də bu məsələni dünən yox, sabah yox, bu gün müzakirə eləməyimiz təsadüfi deyil. Ola bilər ki, bu, sosial, yaxud dünyəvi sifarişdir. Biz bunu dərk eləməliyik. Məsələnin bu gün müzakirəyə çıxarılması isə o demək deyil ki, Azərbaycan bunun müzakirəsinə möhtacdır.
Biz yada salmalıyıq ki, bir neçə il bundan əvvəl, hörmətli Bahar xanım, Sizin fəal iştirakınızla Yeni Azərbaycan Partiyası, Sosial Rifah Partiyası ilə birlikdə “Azərbaycan qadınları və dövlət quruculuğu” adlı bir tədbir keçirdik. Orada tədqiqatçı Sabir Gəncəli və başqaları nə qədər gözəl fikirlər söylədilər. Bizim keçmişimiz, tariximiz, qadınlarımızın mənəviyyatı, qeyrəti bizə bəllidir.
Mənim yadıma düşür ki, Mixail Qorbaçov alkoqolizmə qarşı bir qərar verdi, bütün müttəfiq respublikalar onu müzakirə elədi, ona qoşuldu. Amma o, Azərbaycan üçün yox, onun özü, ətrafındakıları üçün olan qanun idi. Biz də səhvə yol verdik, üzüm plantasiyalarını doğradıq və Azərbaycanın iqtisadiyyatına, görülmüş işlərə zərbə vurduq. Mənə elə gəlir ki, burada da müəyyən bənzəyişlər var. Azərbaycanda qadın probleminə dair hüquqi aktları həyati məsələlərlə qarışdırmaq olmaz. Burada söyləndi ki, qabaqcıl ölkələrin təcrübəsindən öyrənməliyik. O hansı ölkədir ki, onun təcrübəsində Azərbaycanda qadına olan münasibət, ər və arvad arasında hörmət daha yüksəkdir? Mən hesab edirəm ki, Azərbaycan bu barədə nümunədir.
Mən geniş danışmaq istəmirəm, çünki danışılası sözlər çoxdur. Qadına qarşı zorakılığın növləri burada sadalandı, haqqında söhbət getdi. Biz əsasən məişət zorakılığı ilə əlaqədar məsələləri sadalamalıyıq. Bizim qanunvericiliyimizdə, gündəlik həyatımızdakı olan sosial məsələləri, dövlət rəhbərinin buna göstərdiyi qayğıları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını, qadınlara təminatı, uşaqların doğumu ilə əlaqədar təminatı və sairi yada salmalıyıq. Ailə məsələlərini gündəliyə gətirəndə mümkün qədər, dövlətin imkanlarının yol verdiyi çərçivədə, büdcəyə uyğun şəkildə sosial qayğıların gündən-günə artdığını görürük. Əgər qadınların məşğuliyyəti ilə bağlı əmək ödənişlərində ayrı-seçkilik varsa, bütün bu istiqamətlərdə bizdə böyük işlər görülür.
Mən müzakirəyə etiraz etmirəm, buna qarşı da deyiləm. Amma bir şeyi də unutmaq olmaz. Dünyanın heç bir ölkəsində olmayıb ki, kişi müharibəyə getsin, qadın toyundan 10 gün sonra tək qalsın, ömrünün axırınadək beləcə saçını ağartsın. Ömrünü-gününü dünyaya gəlmiş bir balasına həsr eləsin. Bu, ancaq Azərbaycan qadınına məxsusdur və biz bunu bilirik, bilməliyik də. Arzu etməliyik ki, bundan sonra da qadınlarımıza məxsus ənənə, qeyrət, cəsarət, hünər və dözüm həmişə davam eləsin. Mən ümidvaram ki, biz bu bəyanatı qəbul edəcəyik. Onu işləyənlər tanıdığımız savadlı, peşəkar deputatlarımızdır. Güman edirəm ki, fasiləyə qədər bu məsələni yekunlaşdıracağıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bilirsiniz, mən əvvəlcə onu deyim ki, burada daha çox kişilər danışır, ancaq qadınlar danışsa, daha yaxşı olardı. Mən çox xahiş edirəm, kişilərimiz qadınların çıxışlarına belə sərt reaksiya verməsinlər. Elmira xanım çıxış elədi, o dəqiqə ona sərt reaksiya oldu. Bunun özü də əslində bir psixoloji zorakılıqdır. Çünki təkcə fiziki zorakılıqdan deyil, həm də mənəvi və psixoloji zorakılıqdan söhbət gedir.
Bəzi millət vəkillərimiz deyirlər ki, Elmira xanım rəqəmləri haradan alıb? O zaman biz dövlət qurumlarının rəqəmlərini müzakirə edək. Elmira xanımın dediyi erkən nikah, yəni qızlarımızın çox gənc, yeniyetmə yaşlarından ailə qurmasını biz demirik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələrinə, hər bölgə, hər rayon üzrə abituriyent qızların faizinə baxın. Bizim elə bölgələrimiz var ki, orada abituriyent qızlar 12 faiz təşkil edir. Bu nəyin nəticəsidir? Biz həmin bölgələrə gedib o faktları araşdırsaq, bir çox qızların orta məktəbi formal qurtardığının şahidi olarıq. Onlar adları məktəbdə ola-ola ailə qururlar, yaxud da buna məcbur edilirlər.
Mən hesab edirəm, bu gün ölkəmizə dair təkliflərdən də danışmalıyıq. Neyləməliyik? Ölkəmizin qanunları var. Qızlar 17 yaşında, müstəsna hallarda 16 yaşda ailə qurur. Amma biz neyləyirik? Molla nikahı ilə 13-14 yaşında qızlarımızı ərə veririk. Belə hallar artıb, bunu danmağa ehtiyac yoxdur. Bunun qarşısını almaq üçün hüquqi müstəvidə ciddi mexanizmləri artıq işə salmalıyıq. Biz məsələyə belə baxmalı deyilik ki, hər şeyi qara görmək istəyirik. Qaradan söhbət getmir.
Biz Avropanın üzərində dayandığı məsələdən danışırıq. Amma onu da bilirik ki, Avropanın bəzi ölkələrində də qadın hüquqlarının müdafiəsində, qadına münasibətlərdə problem var. Siz deyirsiniz ki, hər şey yaxşıdır. Hər şey yaxşı deyil. Deyirsiniz ki, qadınlarımıza qarşı bu statistik rəqəmləri haradan almısınız? Qadınlara qarşı ailədə belə zorakılıqlar var. Biz statistik məlumatların ortaya çıxmasına imkan veririkmi? Vermirik. Cəmiyyətimiz nə hüquqi, nə də psixoloji cəhətdən buna imkan vermir. Hüquq mühafizə orqanlarının rəsmiləri buradadır. Mən onlardan xahiş edirəm, bu məsələyə diqqət yetirsinlər.
Qadınların əksəriyyəti zorakılıq, dözülməzlik şəraitinə görə ayrılırlar. Hələ mən onu demirəm ki, bəzən özləri ayrılmırlar, onları boşayırlar. Onlar bir çox hallarda hüquq mühafizə orqanlarına, ya da məhkəməyə şikayət edirlər. Onlara münasibət necədir? Mən şəxsən özüm belə qadınlarla bağlı nə qədər yazışmalar aparmışam. Qadın ayrılır, hansına qarşı ki zorakılıq var, həmin ailələrin bir çoxunda belə deyirlər: “Qızın həyat yoldaşının evindən ancaq meyiti çıxa bilər”. Qız da məcbur qalıb əziyyətə dözür, heç yerə heç nə demir. Biz bəzən qadını tənbeh eləyirik, deyirik ki, buna bax, ərindən şikayət edib, ərini tutdurub, gərək ölənə qədər dözəydi. Yaxud qadın məcburiyyət üzündən çıxıb gedir.
Biz onlar üçün, – bayaq dedilər, – Avropanın özündə olduğu kimi, sığınacaqlar fikirləşməliyik. Heç olmasa, məhkəmə prosedurları bitənə qədər bu qadın haradasa yaşamalıdır. Bəzən görürsən, məhkəmə bir gün çəkmir, 6 ay çəkir. Qadın özünə və uşaqlarına yaşamaq haqqını, hüququnu təmin eləmək üçün bəs həmin vaxtda harada yaşamalıdır? Biz bu gün onları təmin edə bilmirik, belə faktlar barədə statistik məlumatlar da ortaya çıxmır. Biz buna cəmiyyətimizi hazırlamalıyıq. Çünki qeyri-anonim, anonim, qeyri-rəsmi aparılan statistik məlumatlara baxsanız, çox ciddi mənzərələr ortaya çıxır.
İkinci bir misalı da gətirəcəyəm. Burada təbliğat məsələsi çatışmır. Söhbət təkcə qadınların arasında hüquqlarla bağlı təbliğat aparmaqdan getmir. Biz bunu məktəblərimizdə, gənc oğlan və qızlarımız arasında da aparmalıyıq. Mən sizi əmin edirəm ki, bizim buradakı müzakirələrimizi məktəblərimizdə, bölgələrdə aparsaq, deyəcəklər, bu nə müzakirədir keçirirsiniz, kişi arvadını döyər də, bununla bağlı bu boyda müzakirə açarlar? Bu, psixologiyamızda var və biz onun qarşısını almalıyıq. Yəni bununla bağlı təbliğat işləri həm məktəblərimizdə, həm də gənc ailələr arasında getməlidir.
Digər məsələyə gəlmək istəyirəm. Zorakılıq təkcə evdə qadının döyülməsi deyil. Bu gün bölgələrimizi demirəm, ölkəmizə baxaq. Müəllimlərin çoxu, – mən o sahələri demirəm ki, orada qadınlar yoxdur, –qadınlardır, məktəb direktorlarımızın çoxu isə kişilərdir. Həkimlərin çoxu qadındır, baş həkimlər isə kişilərdir. Jurnalistlərimizi götürək. Onların da çoxu qadındır, ancaq Mətbuat Şurasında bir qadın da təmsil olunmur. Bu nə deməkdir? Bunun özü də bir zorakılıqdır. Qadın olduğuna görə irəli çəkilmir.
Sədrlik edən. Çox sağ olun. Sizin fikirlərinizi təsdiq edəcək faktları çıxışında əks etdirmək üçün sözü daxili işlər nazirinin müavini Vilayət Eyvazova verirəm.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Xanımlar və cənablar! Avropa Şurasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasının Azərbaycanda təşkil edilməsini yüksək qiymətləndirir və bu mötəbər tədbirə dəvət olunduğuma görə hamınıza təşəkkürümü bildirirəm.
Ümumən, qadınlara qarşı zorakılıq fundamental insan hüquqlarını pozan dünya miqyaslı ciddi bir problemdir. Azərbaycanda qadına hörmət bütün dövrlərdə mənəvi dəyərlərdən olmaqla, onlara qarşı hər cür zorakılıq xalqın mentalitetinə zidd və cəmiyyət tərəfindən kəskin pislənən hal kimi qəbul edilir. Bu məsələyə dövlət səviyyəsində də həssaslıqla yanaşılaraq qadınlara hüquqlarının müdafiəsi ilə bağlı xeyli köməklik göstərilmiş, şəxsən ulu öndər Heydər Əliyev tərəfindən əməli addımlar atılmışdır.
2000-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qadınların da müdafiəsini təmin edən maddələr öz əksini tapmışdır. Belə ki, Məcəllədə cinsi zorakılığa, özünü öldürmə həddinə çatdırmağa, qəsdən sağlamlığa müxtəlif dərəcəli zərər yetirmək məqsədi ilə edilən zorakılıq nəticəsində sağlamlığın və əmək qabiliyyətinin itirilməsinə, qəsdən döymələrə, zorakı və davamlı döymələrlə müşayiət olunan işgəncə verməyə görə məsuliyyət müəyyən edən normalar nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan maddələr də vardır. Respublikanın daxili işlər orqanları tərəfindən ölkənin qanunları, fəaliyyəti tənzimləyən digər normativ hüquqi aktlar rəhbər tutularaq, qadınlara qarşı zorakılığın qarşısının alınması və törədilmiş bu növ cinayətlərin açılması üzrə lazımi tədbirlər görülür.
Qeyd etmək istərdim ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı nazirliyə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək, ətraflarında aidiyyəti qurumlar da cəlb edilməklə, qabaqlayıcı əməliyyat profilaktik tədbirlər görülür. Məişət zorakılığı zəminində baş verən hər bir cinayət faktı ilə əlaqədar xidməti təhqiqat aparılır, polis əməkdaşının bu növ cinayətlərin qarşısının alınması üzrə gördüyü işlərə hüquqi qiymət verilir.
Zorakılıq, o cümlədən məişət zorakılığı zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların ifadə vermək, etiraz etmək, vəsadət qaldırmaq, cinayət işinin materialları ilə tanış olmaq, nümayəndə ilə təmsil olunmaq və digər prosessual hüquqlarının müdafiəsi istiqamətində də qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlər görülür. Məndən əvvəl həmkarım Rüstəm Usubov məlumat verdi, digər məlumatlar qalıb, icazənizlə onları sizə təqdim eləyim.
2005-ci ildə və cari ilin 11 ayı ərzində respublikada 8948, o cümlədən şəxsiyyət əleyhinə 6717 cinayət faktı qeydə alınmışdır. Onlardan 4648-ni döymələr, 1198-ni qəsdən sağlamlığa müxtəlif dərəcəli zərər vurmalar, 213-nü 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə, 73-nü zorlamalar, 49-nu işgəncə vermələr, 45-ni seksual xarakterli zorakılıq hərəkətləri, 10-nu belə hərəkətlərə məcbur etmələr, 7-ni əxlaqsız hərəkətlər təşkil etmişdir. Həmin müddətdə qadınlara qarşı törədilən cinayətlərin 27 faizi, yaxud hər üçüncüsü məhz qısqanclıq, ailə-məişət münaqişəsi zəminində baş vermişdir. Cinayət xarakterli qəsdlər nəticəsində 200 qadın, – onlardan 23-ü azyaşlı qızdır, – ölmüşdür.
Qadınlara qarşı törədilən cinayətlərin dinamikasının təhlili son 5 ildə bu növ cinayətlərin artan temp üzrə müşayiət olunduğunu göstərdi. Bu artım, əsasən, böyük ictimai təhlükə törətməyən döymələr hesabıəna artmışdır. Onların da yalnız 8 faizə qədəri ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Onu da diqqətinizə çatdırıram ki, qeyd etdiyim dövrdə qadınlara qarşı törədilən cinayətlərin açılma göstəriciləri yüksək olmaqla, 95-96 faiz təşkil etmişdir. Bu da həmin cinayəti törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmasını, demək olar ki, bütövlükdə təmin etmişdir.
Hörmətli tədbir iştirakçıları! Vaxtınızı çox almadan, fəaliyyətimizlə bağlı mövcud olan rəqəmləri digər ölkələrin hüquq mühafizə orqanlarının bu sahədə gördüyü işlərlə müqayisə eləmək istəyirəm. Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlərin sayı son 5-6 ildə 200 hadisə civarında, yəni 197, 198, 200, 205 və sair olur. Bizimlə qonşu olan digər ölkələrdə müqayisə üçün deyim ki, bu cür faktlar, məsələn, Gürcüstanda hər 100 min nəfərə düşən, yəni əhalinin sayına görə 300-dən, Rusiyada 2000-dən yuxarı cinayət törədilir, açılma faizinə görə Azərbaycan MDB məkanında davamlı olaraq həm cinayətlərin az törədilməsinə, həmçinin də törədilmiş cinayətlərin açılma faizinə görə birinci yerdə gedir.
İnsan hüquqlarını ən ciddi şəkildə pozan, təhlükəsizliyinə təsirlər yaradan hüquqa zidd əməllərdən biri də insan alveri cinayətidir. Azərbaycan Respublikasında cənab Prezidentin 2004-cü il 6 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasında insan alverinə qarşı milli fəaliyyət planı təsdiq edilmişdir. Həmin təsdiqdən irəli gələn məsələlərin icrası ilə bağlı Daxili İşlər Nazirliyinin strukturunda İnsan alverinə qarşı mübarizə idarəsi təsis edilmiş, koordinasiya məqsədi ilə daxili işlər nazirinin müavini koordinator təyin edilmişdir.
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarının tənzimlənməsi üçün 2005-ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun qəbul edilmiş, Cinayət Məcəlləsinə insan alveri ilə bağlı maddələr daxil edilmişdir. Məcəllədə insan alveri məqsədi ilə törədilən cinayətlərə görə cəza müddəti ağırlıq dərəcəsindən asılı olaraq 5 ildən 15 ilədək müəyyən olunmuşdur.
Əvvəllər, bu qanun qəbul edilənə qədər cəmi 3 il şərti cəza və yaxud da bir il azadlıqdan məhrumetmə cəzası tətbiq edilirdi. Təbii ki, bu da bizim işimizin aşağı səviyyədə təşkil olunmasına gətirib çıxarırdı. İnsan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, təhlükəsizliyinin təminatı, onlara təxirəsalınmaz tibbi, psixoloji, hüquqi və sosial yardımın göstərilməsi məsələsi də diqqət mərkəzində olmuşdur. Bu məqsədlə cari ilin oktyabrında reabilitasiya mərkəzi, sığınacaq yaradılmışdır. İnsan alveri qurbanlarına xidmət edən pulsuz və daimi fəaliyyət göstərən əlaqə xidmətinin təmin edilməsi işi də artıq yekunlaşmaqdadır. Yəni qaynar xəttin açılması ilin əvvəlinə nəzərdə tutulmuşdur.
Görülmüş təşkilati və əməli tədbirlərin nəticəsində son iki ildə insan alveri ilə bağlı 319 cinayət faktı aşkarlanmış, 247 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmiş, bu cinayətlərə görə 294 nəfər təqsirli bilinərək məsuliyyətə cəlb olunmuş, o cümlədən 40 cinayətkar qrup zərərsizləşdirilmişdir. Cinayətlərin qurbanı olan 298 nəfər müəyyən edilərək onlara müvafiq yardımlar göstərilmişdir.
Hörmətli millət vəkilləri! Bu gün Azərbaycanda qadınlara qarşı zorakılıqların ləğv edilməsi, zorakılıq qurbanlarına xüsusi qayğı və diqqət göstərilməsi, zorakılıq hərəkəti etmiş şəxslərin cəzasızlığına yol verilməməsi kimi tədbirlərin daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Daxili İşlər Nazirliyi bu sahədə qanunla müəyyən edilmiş funksiyalarını insan hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsiplərinin uzlaşdırılması əsasında həyata keçirir. Qadınlara qarşı zorakılıqların, o cümlədən məişət zəminində baş verən cinayətlərin qarşısının alınması, açılması üzrə fəaliyyətimizin səmərəliliyini daim artırmağa səy göstəririk. Xüsusi vurğulamaq istərdim ki, qadınlara qarşı zorakılıqların baş vermədiyi bir mühitin yaradılması üçün cəmiyyətin bütün səylərinin birləşdirilməsi labüddür. Bu, həm də zamanın tələbidir. Aidiyyəti orqanların, xüsusən ictimaiyyətin, informasiya vasitələrinin, qeyri hökumət təşkilatlarının köməyinə, onlarla əməkdaşlığın genişləndirilməsinə, maarifləndirmə tədbirlərinə daha çox yer verilməlidir. Müxtəlif ölkələrin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə də böyük ehtiyac vardır.
Mən, Azərbaycanın Avropa Şurasına üzv ölkələrdən biri kimi bu sahədə götürdüyü öhdəlikləri necə yerinə yetirməsi barədə qısa bir məlumat verim. Həm insan alveri qurbanları üçün sığınacaqların, həm də regionlarda 2007-ci ildən başlanılacaq reabilitasiya mərkəzlərinin yaradılmasına, demək olar ki, başlanılıbdır. Sığınacaqların bəziləri istifadəyə verilibdir. Bu işdə artıq cari ilin 11 ayı ərzində yeni qanunvericilikdə edilmiş dəyişiklik və əlavələrdən sonra 29 cinayət işi müəyyən edilibdir. Müqayisə üçün mən sizə məlumat verim ki, 47 milyon əhalisi olan Ukraynada bu il ərzində cəmisi 17 insan alveri cinayəti faktı aşkar edilibdir. Bayaq da qeyd elədim, Azərbaycanda bu istiqamətdə görülən işlər, deyək ki, birincilər sırasındadır. Fürsətdən istifadə edərək qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasını ölkəmizdə də təşkil etdiklərinə görə Azərbaycan Respublikasının Milli Məclisinin rəhbərliyinə, hörmətli millət vəkilləri, sizə, beynəlxalq tərəfdaşlara təşəkkürümüzü bildirirəm. Hesab edirik ki, bu mötəbər tədbir müzakirə olunan problemin dərindən öyrənilməsinə, qarşıda duran vəzifələrin həllinə öz töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Bahar xanım. Hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Bəşəriyyət yaranandan bəri insanlığın əldə etdiyi ən mühüm mənəvi dəyərlərdən biri qadın və kişi bərabərliyidir. Bu mənəvi dəyəri əldə etmək üçün insan çox böyük tarixi məsafə qət edibdir. Belə bir dəyəri qanunvericilik yolu ilə təsbit etmək nə qədər böyük tarixi zəhmət tələb edirsə, bu nəticəni bütün cəmiyyətə aşılamaq da bir o qədər çətindir.
Ümumiyyətlə, mən hesab edirəm, hər bir cəmiyyətin mənəvi və əxlaqi səviyyəsi həmin cəmiyyətdə qadına olan münasibətlə ölçülməlidir. Avropa Şurasının bu məsələ ilə bağlı fəaliyyətini, ələlxüsus bizim Parlamentin də bu müzakirələrə qoşulmasını mən çox müsbət bir hal kimi dəstəkləyirəm. Onu da xüsusi ilə vurğulamaq istəyirəm ki, hər hansı bir problemin, konkret halda qadınlara qarşı zorakılıq probleminin həllinin bu məsələnin şişirdilməsi hesabına deyil, səmərəli mübarizə üsullarının tətbiqi hesabına əldə etmək lazımdır. Mən hesab edirəm ki, vətəndaş cəmiyyətinin, hüquqi dövlətin qurulması istiqamətində səylərin daha da gücləndirilməsi, elə özlüyündə kişi və qadın bərabərliyi, qadınlara qarşı zorakılığa dözülməz münasibət, belə bir zorakılığa yol verən şəxslərin adekvat cəzaya məruz qalması deməkdir.
Etiraf etmək lazımdır ki, Azərbaycanda bu məsələ ilə bağlı heç də vəziyyət acınacaqlı deyil. Şəxsən mən də belə hesab edirəm, xanımlarımız özləri də etiraf edərlər ki, nə qədər insan cəmiyyəti var, digər problemlər kimi bu da var, olacaq da. Amma əsas məsələ bu problemin səmərəli həlli üsulunu tapmaqdır. Bu, təkcə Azərbaycanın milli mentalitetinə, tarixi ənənələrinə deyil, eyni zamanda müqəddəs İslam dininin tələblərinə bağlı bir məsələdir. Müqəddəs Qurani Kərimdə kişilərə xitabən deyilir: “Qadınlarla mülayim rəftar edin”. Azərbaycan Respublikası bu problemi tək siyasi müstəqilliyini bərpa edəndən sonra deyil, hələ sovet dönəmində çox müvəffəqiyyətlə həll etmişdir.
Mən indi sovet dönəmindəki Azərbaycan Konstitusiyasının üzərində uzun-uzadı dayanmaq istəmirəm. Azərbaycan Respublikasının bugünkü Konstitusiyasının müəllifi və ideya rəhbəri ümummilli liderimiz Heydər Əliyevdir. Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin ikinci bəndi kişi ilə qadınların bərabər hüquq və azadlıqlara malik olduğunu vurğulayır. Üçüncü bənddə isə bu bərabərliyin məhdudlaşdırılmasının qadağan olduğu və bunun təminatçısı kimi dövlətin çıxış etdiyi qanunvericilik yolu ilə təsbit edilir. Konstitusiyanın 34-cü maddəsi qadının zorla ərə verilməsini qadağan edir. Həmin maddənin 4-cü bəndi isə ər və arvadın bərabərliyini təsbit edir.
Bu sahədə, mən hesab edirəm ki, Azərbaycanın qanunvericilik hakimiyyətinin çox böyük hüquqi bazası var. O, siyasi iradəsini həyata keçirmək üçün hətta cinayət hüququ vasitələrindən də istifadə edir. Bu gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 10-a qədər norma vardır ki, qadınla kişinin bərabərliyinə qarşı cinayət məsuliyyəti müəyyən edir. Elə 154-cü maddəni də göstərmək olar. Onun adı da kişi ilə qadının hüquq bərabərliyinin pozulması ilə bağlıdır. Əvvəlki Cinayət Məcəlləsində, əgər yadınızdadırsa, 127-ci maddə var idi. Həmin maddə ləğv olundu. Bu gün qanunverici hakimiyyət bununla bağlı 144-cü maddədə kifayət qədər ağır cəza müəyyən eləyib. Bu gün qanunda həmin cinayət adam oğurluğu kimi qiymətləndirilir və buna görə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Azərbaycanın Ailə Məcəlləsinin bütün maddələri, demək olar ki, qadın və kişinin hüquq bərabərliyinə köklənib. Mən elə bu zalda həmkarlarımın qəbul etdiyi “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunu vurğulamaq istəyirəm. Bu gün qadınların problemləri ilə məşğul olan onlarla qeyri-hökumət və hökumət təşkilatları var. Mən bu müraciətin qəbul edilməsinə səs verəcəyəm. Həmkarlarıma da analoji addım atmağı təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri! Mən də qeyd etmək istəyirəm ki, bu gün biz çox vacib bir məsələni müzakirə edirik.
Qadınlara qarşı zorakılıqlar bütün tarix boyu həmişə olmuşdur və istənilən cəmiyyətdə həm Şərqdə, həm də Qərbdə bu problem indi də yaşanır. Məsələn, bir neçə il öncə mən mətbuatdan oxumuşdum ki, aparılmış sosioloji sorğunun, hesablanmış məlumatların nəticələrinə görə Avropada ən çox zorakılığa məruz qalanlar, nə qədər təəccüblü olsa da, Fransız qadınları hesab olunur. Bu problem, demək olar ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da yaşanmaqdadır.
Heç kimə sirr deyil ki, Azərbaycanda bəzi ailələrdə, xüsusi ilə rayon və kənd yerlərində qadınlar zorakılıqlara tez-tez məruz qalırlar. Zorakılıq edən kişilər elə bilirlər ki, bu, onların güclərinin göstəricisidir. Amma onlar unudurlar ki, istənilən şəxsə, ilk növbədə qadınlara qarşı zorakılıqlar yalnız kişilərin zəifliyinin göstəricisidir. Az-çox ləyaqəti və vicdanı olan adam başqasına, xüsusən də qadına – daha zəif məxluqa zorakılıq hərəkəti etməyi özünə layiq bilməməlidir.
Ailədə zorakılıq gənc nəslin də tərbiyəsinə çox mənfi təsir edir. Ata ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Məhz ailədə zorakılığın nəticəsi kimi çoxsaylı dağılmış ailələr, sınmış talelər, nəzarətsiz uşaqlar meydana gəlir, faciələr baş verir. Bu da bütövlükdə bizim bütün cəmiyyət üçün böyük problemlər yaradır. Bu sahədə, mən hesab edirəm, böyük maarifləndirmə, tərbiyə işləri aparmaq olduqca zəruridir. Gənc ailələrə, gənc nəslə bütün vasitələrlə – istər televiziya, istər kütləvi tədbirlər vasitəsi ilə təsir göstərilməlidir.
Mühazirələrin təşkili ilə ailələrə dözümlülük, qarşılıqlı hörmət hissi aşılanmalı, mədəni sivil davranış qaydaları öyrədilməlidir. Hüquqi maarifləndirmə, təbii ki, daim aparılmalıdır. Biz gənc nəsli anaya, qadına, bacıya hörmət ruhunda böyütməliyik. Azərbaycan xalqının milli-mənəvi dəyərləri də məhz bu kimi keyfiyyətlərin daşıyıcılarıdır. Yadımıza salaq, Peyğəmbərimizin belə bir kəlamı məşhurdur ki, əgər atan və anan səni eyni vaxtda çağırsalar, ilk növbədə ananın çağırışına səs ver. Yəni bu da qadına, anaya olan hörmətdən irəli gəlir.
Hər bir cəmiyyətin mədəni səviyyəsi onun qadına münasibətində aydınlaşır. Bütün tarix boyu mütəfəkkirlər, böyük düşüncə sahibləri hesab ediblər ki, heç vaxt zora, zülmə məruz qalmış qadın azad, mübariz vətəndaş yetişdirə bilməz. Məzlum qadın, özü kimi məzlum, ya da qəddar övlad yetişdirəcək. Əgər biz bütövlükdə cəmiyyətimizin tərəqqisini, insanların azad, firavan yaşayışını görmək istəyiriksə, ilk növbədə o cəmiyyətin övladlarını dünyaya gətirən ana üçün bu şəraiti yaratmalıyıq. Böyük şairimiz Hüseyn Cavidin qadın barədə gözəl sözləri var: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Məhz qadın yüksəldikcə, qadın özünü azad, firavan, xoşbəxt hiss etdikcə, bütövlükdə bizim cəmiyyətimiz də yüksələcək.
Sonda mən onu demək istərdim ki, burada çıxış edən bütün qadın deputatlarımızın dediklərinə tam şərikəm, onları dəstəkləyirəm. Əlbəttə, biz bu problemdən heç cür yan keçə bilmərik. Bizim borcumuzdur ki, bu problemin həlli yollarını axtarıb tapaq və müvafiq tədbirlər görək.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Bahar xanım! Mən də öz fikirlərimi bildirmək istəyirəm. Burada bütün günü bərabərlik prinsipindən danışdıq. İcra strukturlarının nümayəndələri reqlamentdən 4 dəqiqə artıq danışdılar. Qanunverici orqanın nümayəndəsinə də bu şəraitin yaradılmasını Sizdən xahiş edirəm.
Müzakirə olunan məsələ ilə əlaqədar biz bəyanat da qəbul edəcəyik. Bir çox qurumlardan insanlar dəvət olunublar. Bu, onun göstəricisi deyil ki, Azərbaycanda belə bir problem var. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti, hökuməti, parlamenti bu məsələyə çox əsaslı, həm də diqqətlə yanaşır və buna daha çox yer ayırır. Digər məsələlərə mənim deputat həmkarlarım da toxundular. Bizə bəlli olan ümumi məlumatlardan da aydındır ki, Azərbaycanda bu hüquqların qorunması digər ölkələrə nisbətən daha düzgün şəkildə təmin olunubdur. Bu, milli adət-ənənələrdən, ölkənin özünün milli psixologiyasından irəli gəlir.
Tarixə nəzər yetirsək, Şərqdə həmişə qadın üstün rol oynayıb, nəinki Qərbdə. Əgər feodalizm dövründən başlasaq, gender hüququ ilk dəfə Qərbdə, yəni Böyük Britaniyada tətbiq olunubdur. Şərqdə belə hüquqlar heç vaxt tətbiq olunmayıbdır. Avropa ilə Şərqin arasında olan bir ölkə kimi Azərbaycanda da qadına həmişə hətta seçki hüququndan başlamış digər hüquqlara qədər xüsusi diqqət yetirilir. Əgər Amerikada 70-ci illərdə qadına seçki hüququ verilmişdirsə, Azərbaycanda qadın 1920-ci ildən seçki hüququna malikdir. Yəni bütün bu nəzəriyyələri və faktları ortaya qoyduqda görürük ki, doğrudan da, Azərbaycan qadınına həmişə diqqət və yaxşı münasibət olubdur. Qadına təzyiqin müxtəlif məqamlarını psixoloji, mənəvi, fiziki və məişət xarakterli olanları götürsək, güman eləyirəm ki, burada sadalanan, eyni zamanda hüquq mühafizə orqanlarının verdikləri məlumatlarda çox böyük, çox ciddi rəqəmlərə rast gəlməmişik. Əgər onların təhlilini aparsaq, nə qədəri ədalətli, nə qədəri ədalətsiz və yaxud hansı formada tətbiq olunub, o zaman təcrübəsindən bəhrələndiyimiz Qərb ölkələrinə nisbətən çox az bir rəqəmlə rastlaşacağıq.
Mən burada səslənən təqdimatla bağlı öz münasibətimi bildirmək istəyirəm. Təqdimat məni qane etmədi. Çünki təqdimatda elə bir fon yarandı ki, guya Azərbaycanda qadınların 80 faizinin hüquqları pozulur. Həmkarlarım çıxışlarında bildirdilər ki, qadınlar təzyiqə məruz qalır, uşaqlar məktəbə getmir. Mənim seçildiyim dairədə – Naxçıvan Muxtar Respublikasında məktəblərdə qız uşaqlarının sayı kifayət qədərdir. Əksinə, oğlan uşaqları bugünkü yeni iqtisadi sistem ilə əlaqədar olaraq öz valideynlərinə kömək eləmək üçün bəzən kiçik yaşlarından istər ticarətə, istərsə də digər məişət məsələlərinə cəlb edilirlər, məktəbə getmirlər. Qızların isə məktəbə getməsi tamamilə qanunauyğundur.
Digər tərəfdən burada məsələ qaldırıldı ki, qızlara hüquq yaradaq. Biz bir hüquq yaratmışıq, onu poza bilmərik. Biz güzəştləri ləğv eləmişik, demişik ki, bütün insanlar bərabərdir. Burada isə deyirik ki, qızlar biləndə, testlə qəbul olunsunlar, bilməyəndə də onlara şərait yaradılsın. Bunu heç cür demokratik yanaşma prinsipi hesab etmək olmaz. Mən hesab edirəm ki, bunlara xüsusi hüquq yaradılması düzgün deyil və bu cür yanaşma olmamalıdır. Hər kəs qabiliyyətinə, bacarığına görə irəli çəkilməlidir.
Burada xalqın seçdiyi millət vəkilləri var. Biz seçki prosesində iştirak elədik. Ötən seçkilərdə 500-dən artıq qadın namizədliyini irəli sürmüşdü. Onlardan 15-16-sı Milli Məclisin üzvlüyünə seçildi. İndi biz zorla seçki qanunvericiliyini pozub parlamentin yarısını, yəni 50 faizini qadınla doldura bilmərik ki. Yəni digər formalar da mövcuddur. Hər bir iş sahəsində qadın-kişi bərabərliyi o demək deyil ki, bunlara bərabər yanaşılmalıdır. Amma mənim fikrimcə, orada imkanlar mövcud olmalıdır və hər kəs savadına, qabiliyyətinə, bacarığına, işgüzarlığına görə seçilməlidir.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Burada onu çox bəh-bəh ilə qeyd elədilər. Keçən dəfə burada Cinayət Məcəlləsinə həmin düzəliş olanda, 127-ci maddəni dəyişib 144-cü maddəni tətbiq eləyəndə mən öz etirazımı kəskin şəkildə qoydum. Çünki Azərbaycanın milli mənəviyyatına, əxlaqına tamamilə zidd bir məsələdir. Tamah məqsədi ilə adam oğurluğunu evlənməyə görə qız qaçırmaqla eyniləşdirmək düzgün deyil. Cinayət Məcəlləsində kim isə haradansa bir şey qoparmaqdan ötrü gətirib bunu bərabərləşdirib, eyni maddəyə salıb. Azərbaycanın milli adəti, əxlaqı var. Bu, Azərbaycanda illərlə formalaşmış sistemdir. Hüquq onda yaranır ki, adətlər sanksiyalaşdırılır. Azərbaycanda belə adətlər var. Bəli, zorla olanda, həmin adam 3 il müddətinə azadlıqdan məhrum olunurdu. İndi 10 il cəza tətbiq eləyirlər. Bu gün minlərlə insan şikayət eləyir ki, belə bir hadisəyə 10 illik cəza çoxdur.
Sədrlik edən. Siyavuş müəllimə 3 dəqiqə də vaxt ayırsaq, yəqin ki, fikirlərini tam ifadə eləyər. Buyurun, Siyavuş müəllim.
S. Novruzov. Məsələyə bugünkü yanaşmaların özü onu göstərir ki, biz milli əxlaqımızı qorumaqla yanaşı, Avropaya da inteqrasiya eləyirik. Bununla yanaşı biz Avropaya öz dəyərlərimizi də aparmalıyıq. Əgər bu dəyərlərin üstündən xətt çəkib, Avropa adətində baş verən halları Azərbaycan adətinə tətbiq eləsək, mən sizi inandırıram ki, sabah bir nəfər də olsun, bir yerdə yaşayan ər-arvad tapa bilməyəcəyik. Biz qadın hüquqlarından danışırıqsa, yenə deyirəm, bizim qanunlarda qadınların hüquqları daha geniş şəkildə öz əksini tapıbdır. Ola bilsin ki, bu özünü parlaq şəkildə nümayiş elətdirmir, amma digər tərəfdən həmin formalara biz diqqətlə yanaşmalıyıq.
Burada müəyyən məsələlərdən söhbət getdi. Deyildi ki, yerlər açılmalıdır, ərindən küsən qadınlar gedib orada özünə sığınacaq tapmalıdır və sair. Başa düşürəm, problemlə yaşayan qadınlar var ki, bu gün onlar təzyiqə, təqibə məruz qalırlar. Ola bilər ki, bunlar ailənin formalaşmasına, möhkəmlənməsinə mane olur. Bəli, xaricdə psixoloqlar var, onlara zəng eləyirlər. Onlar da söhbət aparır, təzyiqə məruz qalanları bir az sakitləşdirirlər və sair. Burada valideynlərin müdaxiləsi, bu məsələlərin aradan qaldırılması prosesi var. Biz hər bir mübahisəni məhkəmə səviyyəsində həll olunmağa gətirib çıxarsaq, onda gələn dəfə hüquq mühafizə orqanlarının rəhbərləri burada 5 minin yox, ən azı yarım milyonun hesabatını verəcəklər. Deyəcəklər ki, yarım milyon ailə bizə müraciət eləyibdir. Müraciət eləməyin təkcə yaxşı tərəflərindən söhbət getmir ki, bu məzmunda nə qədər olubdur, nə qədər olmayıbdır.
Müraciət etməyin digər tərəfləri də mövcuddur və belə hallar da az deyil. Burada məsələ qaldırıldı, rəqəmlər göstərildi. Mən adi bir halı deyim. Azərbaycanda təkcə bir il, yəni 2005-ci il ərzində yol qəzasından 1200 adam həlak olub. Burada göstərilən cinayət xarakterli halların miqdarı yol qəzasında həlak olan insanlarla əlaqədar törədilən cinayətlərin yanında çox aşağı rəqəmdir. Bunu azaltmağın hüquqi tərəfini təmin etmək lazımdır, nəinki beş-altı adamı ortaya salıb onu daha da qızışdırmaq, dərinləşdirmək.
Bu yaxınlarda İctimai televiziya ilə bir veriliş gedirdi. Ora çıxarılan bir qadına və onu təmsil eləyən insanlara baxanda o qadına “dərs verən”lər elə bir gündə idilər ki, mənim o qadına yazığım gəldi. Bu yaranan qurum, sistem elə olmalıdır ki, insanları ağıllandırmalı, tərbiyələndirməli, onlara düzgün yol göstərməlidir. Bu olmadığı təqdirdə hər hansı bir hüquqi addımı atmaq olar. Amerikada 3 prinsip mövcuddur. Birincisi təhsil verməklə tərbiyə edirlər, ikinci...
Sədrlik edən. Təşəkkür edirəm, Siyavuş müəllim. Sabir Rüstəmxanlıya da söz verək, sonra qonaqlarımıza şərait yaradarıq. İki nəfər çıxış edəcək, sonra bəyanatın mətnini dinləyərik. Buyurun, Sabir müəllim.
S. Rüstəmxalı. Təşəkkür edirəm. Hörmətli Məclis, hörmətli qonaqlar! Bu məsələni təqdim eləyən qadın millət vəkilləri ilə digər kişilərin arasındakı fərqin bir əsas səbəbi var. O səbəb də ondan ibarətdir ki, qadınlarımızın dilində bu məsələ Azərbaycan qanunvericiliyinin Konstitusiyanın verdiyi hüquqlardan və milli ənənələrdən, psixologiyadan kənarda, daha çox Avropanın istədiyi bir şəkildə təqdim olunur. Amma kişilərimiz daha çox bizim öz qanunlarımızdan, adət və ənənələrimizdən, indiyə kimi keçdiyimiz yoldan irəli gələn bir mövqe ilə çıxış eləyirlər.
Bir sıra qanunlarda biz Avropanın istəyi kimi görünməyə çalışdığımızdan ziddiyyətlər əmələ gəlir. Bu məsələdə də elədir. Qadının problemi əslində cəmiyyətin problemdir. Azərbaycanda cəmiyyətin, əhalinin bu gün 52 faizə qədəri qadındırsa, əslində bunu təkcə statistika hesab etmək olmaz. Burada həm də mənəvi ağırlığın 52 faizi qadının çiynindədir. Ancaq biz Azərbaycan qadınının problemini daha çox məişət zorakılığı müstəvisində yox, bəlkə sosial və psixoloji müstəvidə təhlil eləməliyik.
Əgər Azərbaycanda qadınların çox böyük bir hissəsi, bir milyona yaxın insanın 52 faizi qaçqın vəziyyətindədirsə, yerindən-yurdundan aralı düşübsə, Avropa buna biganədirsə, bu gün Avropa Şurası qadın hüquqları ilə bağlı Azərbaycana qarşı hər hansı bir tələb irəli sürə bilməz. Azərbaycan, ənənəvi olaraq, qadına yüksək münasibət bəsləyən bir ölkədir. Hər halda Möminə xatun məqbərəsi kimi bir abidə Azərbaycanda yaranıb. Tac Mahal da Şərqdə yaranıb, Bibixatun da Şərqdə yaranıb. Avropada isə, bir dənə də olsun, qadına belə bir abidə qoyulmayıb.
Bu gün Azərbaycan qadınının ən böyük bəlası 18 ildən bəri davam eləyən savaşdır, onun nəticələrinin aradan qaldırılmamasıdır. Bizdə əslində zorakılığın bir səbəbi, çox acı bir səbəbi, yəni zorakılığın bir mənbəyi Avropaya, Qərbə, dünyaya inteqrasiyadır. Baxın, Avropadan Azərbaycana nə gəlir? Zorakılığı təbliq eləyən filmlər, Amerikanın filmləri gecə-gündüz bizim televiziya kanallarını zəbt eləyibdir. Avropadan bura gələn şirkətlər 25 yaşdan yuxarı qadınları işə götürmürlər. Qadın hüququ pozulur. Nəyə görə bu gün çıxış eləyən qadınlarımız Avropaya inteqrasiyanın gətirdiyi bu məsələlərdən danışmırlar?
Qadının ən rahat yeri ailədir. Qadın ailədə xoşbəxtdir. Ailədən kənarda qadının xoşbəxtliyi ola bilməz. Ona görə ki, qadının məişət deyəndə, ailəsi başa düşülür. Əzizim Elmira xanım “ailədə zorakılıq, ya pis üz görən qadınlara kənarda sığınacaq düzəldilməlidir, onlar polisə getməlidirlər” deyəndə, haradan təminat verə bilər ki, ailəsində bir az qaş-qabaq görən o qadın gedib polisin daha ağır zorakılığı və kobudluğu ilə üzləşməyəcək? Biz yetimxanalarda böyüyən qızlarımızın, işsizlikdən məcbur olub kənar ölkələrə baş alıb gedən qadınlarımızın faciələrini Azərbaycan kişisinin zorakılığı ilə eyniləşdirə bilmərik. Bunlar cəmiyyətin doğurduğu işsizlikdən, iqtisadiyyatdan gələn məsələlərdir. Məktəbin problemi də onunla bağlıdır. Yaxşı, gözəl təmin olunmuş qızlar məktəblərə 11-ci sinfə qədər gedirlər. Şəraiti yoxdursa, ailə vəziyyəti pisdirsə, onda 5-ci sinifdən sonra uşaqları məktəbə buraxmırlar. Ona görə, ilk növbədə qadının iqtisadi vəziyyətini düzəltmək lazımdır.
Qadınlarımız kəndlərimizdə işsizlikdən əziyyət çəkirlər. Kənd təsərrüfatı ilə məşğul olan çox sayda qadınlarımız bu gün əslində həmin iqtisadi zorakılığın pəncəsindədirlər. Bir də burada, deyəsən, Pənah bəy dedi, ailə məsələsi unudulmamalıdır. Bu gün Azərbaycan qadını onsuz da işləyir. O, ailədə uşaqları böyüdürsə, bu onun əslində əsas işidir. Həmin dövr iş stajı sayılmalıdır. Qadının ən böyük hüququ onun ana olmasıdır. Bu gün Azərbaycanda hansı təbliğatı aparırlar? İnsan planlaşması nə deməkdir? Azərbaycan qadını doğmasın? Uşaq pulu kəsilir. Avropa standartları məhz burada analarımızın və qadınlarımızın hüququnu daha çox pozur. Mən hesab eləyirəm ki, bu məsələyə çox geniş aspektdən baxmaq lazımdır.
Sədrlik edən. Sağ olun, Sabir müəllim. Qonaqlarımızdan daha iki nəfər çıxış etməlidir. Mən xahiş edirəm, onlara da şərait yaradaq. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevə söz verilir.
T. Musayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli deputatlar, hörmətli xanımlar və cənablar! Avropa Şurasının “Qadınlara qarşı zorakılıqla mübarizə” devizi altında başladığı kampaniya çərçivəsində keçirilən bugünkü tədbir, sözsüz ki, mühüm əhəmiyyət kəsb edir. Hətta ən inkişaf etmiş dövlətlərdə də cəmiyyət qadınlar qarşısında borcludur. Hamı çalışmalıdır ki, qadınlarımız üçün daha gözəl həyat şəraiti yaradılsın.
Hər bir cəmiyyətdə inkişaf və mənəviyyat qadınlara münasibətdən əhəmiyyətli dərəcədə asılıdır. Mədəniyyət və dini etiqad da qadına hörmətlə yanaşmağı tələb edir. Ölkəmizdə Avropa dəyərləri, eyni zamanda Şərqin mütərəqqi ənənələri əsasında məqsədyönlü gender siyasəti həyata keçirilir. Bunun üçün mükəmməl və zəruri normativ hüquqi baza formalaşır, müvafiq təchizatlar yaradılır, digər təşkilati tədbirlər görülür.
Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar və regionlarımızın inkişafı üzrə görülən genişmiqyaslı işlər hər bir ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasına, həmçinin qadınların sosial hüquqlarının təmin olunmasına yönəldilmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü və önəmli tədbirlər də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Mənim fikrimcə, qadınlar bəzi sosial problemlərdən deyil, daha çox kobud rəftar, diqqətsizlik və nəzakətsizlikdən əziyyət çəkirlər. Belə halların qarşısının alınması ən vacib məsələlərdən biridir. Məlum olduğu kimi, qadınlara qarşı zorakılıq fiziki və psixoloji formada ola bilər. Döymə, ailə zorakılığı, təhqir, qadınların alqı-satqısı, cinsi zorakılıq və digər formalarda təzahür edən bütün hallar qadınların hüquqları və səs azadlıqlarını pozur, zəiflədir, bəzi hallarda, ümumiyyətlə, heçə endirir.
Zorakılıq formalarından biri olan məişət və ailədə baş verən zorakılığa qarşı mübarizə xüsusi ilə mürəkkəbdir. Bu onunla bağlıdır ki, həmin hadisələri qiymətləndirmək çox çətindir. Çünki bu, adətən ictimaiyyət üçün görünməyən şəraitdə baş verir və belə bir vəziyyət bütün ölkələrdə ümumi problem olaraq qalır. Belə hallar hər bir sosial təbəqədən olan ailədə baş verə bilər. Ailədə zorakılıq bir çox hallarda ölüm, fiziki xəsarət, psixoloji problemlər, ailənin digər üzvləri, xüsusi ilə uşaqlar üçün təhlükə ilə nəticələnir. Qadınların zorakılığa məruz qalmalardan müdafiə üsulları milli qanunvericilikdə təsbit olunmuşdur. Belə ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsinin 10-dan çox maddəsində qadınlara zorakılıq hərəkətlərinin törədilməsinə görə müvafiq cinayət məsuliyyəti müəyyən edilmişdir.
Bu gün burada səslənən 2005-ci ildə qəbul olunmuş “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən hazırlanan Əsasnamədə insan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə fəaliyyətinə nəzarət qaydaları, insan alveri ilə mübarizəyə kömək fondunun yaradılması, insan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları təsbit edilmişdir. Bu Qanunun tətbiqi ilə əlaqədar Cinayət Məcəlləsinə üç yeni maddə – insan alveri, məcburi əmək, insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma əlavə edilmişdir.
Yeni qəbul olunmuş “Gender bərabərliyi haqqında” Qanunu xüsusi vurğulamaq olar. Bu Qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi ilə bağlı artıq layihə hazırlanmış və müvafiq qaydada təqdim olunmuşdur. Dünya birliyinə fəal inteqrasiya edən ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı bütün əsas beynəlxalq sənədlərə, o cümlədən “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında” Konvensiyalara qoşulmuşdur. Konvensiya normaları hüquqi aktların müvafiq maddələrinə uyğun qaydada qanunvericiliyimizdə öz əksini tapmışdır. Bu gün qüvvədə olan cinayət qanunvericiliyində qadınlara xüsusi humanizm münasibəti mövcuddur və onlar üçün cəza tətbiqində kişilərə nisbətən bir çox güzəştlər müəyyən edilmişdir.
Mən bugünkü çıxışımda qeyd etmək istərdim ki, ölkəmizdə qadınlar arasında cinayətkarlıq ümumi cinayətkarlıq strukturunda o qədər də böyük yer tutmur. Statistik məlumatların təhlili göstərmişdir ki, son 5 il ərzində məhkəmələr tərəfindən hər il məhkum edilmiş şəxslərin təxminən 10 faizini qadınlar təşkil edir. Eyni zamanda, bu da çox vacibdir ki, onların əksəriyyəti, 93 faizdən çoxu azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmişdir. Məhkum qadınların ayrıca saxlanması üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində hazırda 261 məhkum, o cümlədən 27 nəfər əcnəbi vətəndaş cəza çəkir. Onlardan 25 faizi qəsdən adam öldürmə, 21 faizi narkotik vasitələr və 20 faizi dələduzluq faktları ilə əlaqədar cinayətlərə görə məhkum olunmuşlar.
Eyni zamanda, bu gün onu da bildirmək istəyirəm ki, qadın məhkumlarının bəziləri ailə zorakılığına məruz qaldığına görə cinayət törətmişlər. Həmçinin cəza çəkən qadınların maddi-məişət problemlərinin həlli ilə yanaşı, onların ictimai faydalı əməyə cəlb edilməsi üzrə tədbirlər həyata keçirilir. Bu gün cəza çəkən qadınların yarısından çoxu əməyə cəlb olunmuşlar. Cəza çəkən qadın məhkuma eyni cinsdən olan şəxsi heyət tərəfindən nəzarət edilməsi üzrə beynəlxalq standartlara uyğun qaydanın tətbiqinə bizdə də xüsusi diqqət yetirilir. Qadınlar üçün cəzaçəkmə müəssisələrində işləyənlərin 80 faizindən çoxunu qadınlar təşkil edir.
Hörmətli xanımlar və cənablar! Qadınlara qarşı zorakılıqla mübarizədə dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirilməsi də çox əhəmiyyətlidir. Ölkə üzrə hazırda qadın hüquqlarının müdafiəsi və qadın problemlərinin araşdırılması ilə məşğul olan 80-dən çox qeyri-hökumət təşkilatları qeydiyyata alınıbdır və onlar son iki ildə fəaliyyətə başlamışlar. Eyni zamanda, 108 hüquq müdafiə təşkilatı dövlət qeydiyyatına alınmışdır ki, onlardan da 8-i bilavasitə qadınların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir. Şübhəsiz ki, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsi üçün görülən işlər insan hüquqlarının daha etibarlı təminatı ilə yanaşı, qadınlara qarşı zorakılıqla mübarizənin səmərəliliyinin artırılmasına kömək edir.
Çıxışımın sonunda qeyd etmək istərdim ki, bütövlükdə qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində profilaktik tədbirlərin görülməsi, xüsusi ilə maarifləndirmə işinin daha da gücləndirilməsi vacib məsələdir. Müvafiq beynəlxalq mexanizmlərdən faydalanmağı ölkəmizdə də qanunauyğun sayırlar. Bununla bağlı aidiyyəti beynəlxalq təşkilatlara dövri hesabatlar təqdim olunur. Bu sahədə hüquq mühafizə və məhkəmə təcrübəsinin vaxtaşırı ümumiləşdirilməsini, qadınların ilkin və davamlı tədrisə cəlb olunmalarını, söhbət gedən məsələyə dair mövzulara daha çox vaxt ayrılmasını vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Toğrul müəllim, çıxışınızı vaxtında yekunlaşdırdığınıza və qiymətli fikirlərinizə görə təşəkkür edirəm. Qeyri-hökumət təşkilatları adından Tamam xanım Cəfərova danışacaq və bununla da çıxışlara yekun vuracağıq.
T. Cəfərova, “Universitet” Qadınlar Cəmiyyətinin sədri.
Hörmətli Bahar xanım, qeyri-hökumət təşkilatları adından buraya dəvət etdiyinizə və söz verdiyinizə görə təşəkkür edirəm.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən öz çıxışıma BMT-nin sabiq Baş katibi Kofi Annanın sözləri ilə başlamaq istərdim: “Əgər bu, ölkələr arasında baş versəydi, biz bunu müharibə adlandırardıq. Əgər bu, xəstəlik olsaydı, biz bunu epidemiya adlandırardıq. Əgər bu, neft yanğını olsaydı, biz bunu təbii fəlakət adlandırardıq. Lakin bu, qadınların başına gəlir və hər gün təkrarlanır. Bu, qadınlara qarşı zorakılıqdır”. Məncə, bu sözlər qadınlara qarşı zorakılıq probleminin bütün dünya üçün nə qədər təhlükəli olmasını, onun miqyasının böyüklüyünü və qorxulu nəticələrini kifayət qədər özündə əks etdirir. Problemin BMT, Avropa Şurası kimi mötəbər qurumların diqqət mərkəzində olması bir daha onun aktuallığından xəbər verir.
Bu gün qadınlara qarşı zorakılıq probleminin Azərbaycan parlamentində müzakirəyə çıxarılması təqdirəlayiqdir. Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulması olmaqla, qadınlara öz hüquq və azadlıqlarından istifadə edilməsi, bu gün bütün dünyada prioritet olan gender siyasətinin həyata  keçirilməsi yolunda böyük bir maneədir. Çox təəssüf ki, dünya birliyinin ciddi cəhdlərinə baxmayaraq, bu zorakılıq azalmır, əksinə, getdikcə artır.
Zorakılıq təkcə qadınların inkişafına mane olmur, həmçinin onların həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, qadınlara qarşı zorakılıq qadınların ölümünə gətirib çıxaran xərçəng xəstəliyinin əsas səbəblərindən biridir. Zorakılıq nəticəsində qadınlar arasında ölüm halları, yol qəzaları və yoluxucu xəstəlik nəticəsində qadınların ölümü və əmək qabiliyyətini itirməsi halları ilə müqayisədə daha çoxdur. Bu gün burada zorakılığın bir çox formalarından danışıldı. Onun ən geniş yayılmış forması, əlbəttə, məişət zorakılığıdır. Buraya qadınların həm iş yerində rast gəldikləri zorakılıqlar, həm də ailə zorakılığı aiddir.
Mən Avropa Şurasının apardığı kampaniyanı nəzərə alaraq diqqətinizi məhz ailə zorakılığı üzərinə gətirmək istərdim. Məntiqi baxımdan belə düşünmək olar ki, qadın üçün ən təhlükəsiz yer onun evidir. Amma çox təəssüf ki, statistikaya görə, qadınlar zorakılığa məhz evlərində, ən yaxın insanları – ərləri tərəfindən məruz qalırlar. Zorakılıq, əlbəttə, təkcə qadınlara deyil, ailənin bir üzvü tərəfindən digər üzvlərinə də yönəldilə bilər. Bütün dünya statistikası göstərir ki, ailədə zorakılıq adətən daha çox qadınlara qarşı yönəldilir. Ailə zorakılığı deyəndə, məhz qadınlara qarşı zorakılıq nəzərdə tutulur.
Ailə zorakılığı coğrafi sərhədləri tanımır, ölkələrin inkişaf səviyyəsi, ailənin maddi rifahı, dini və mədəni amilləri ilə məhdudlaşmır. Artıq burada bildirildi ki, 2000-ci ilin noyabr ayında Avropa Şurası məişət zorakılığına qarşı mübarizə kampaniyasına başlamışdır. Rəhbərlik etdiyim “Universitet” Qadınlar Cəmiyyəti də Avropa Şurasının qadın şəbəkəsinin üzvüdür. Belə ki, biz beynəlxalq təşkilatın Azərbaycandakı əlaqələndiricisiyik.
Əsas problemlərə keçməzdən, kampaniya ilə əlaqədar qarşımızda duran vəzifədən danışmazdan öncə, istərdim ki, ailə zorakılığı sahəsində ölkəmizdə olan vəziyyətə qısaca nəzər salaq. Mənə elə gəlir ki, hüquq mühafizə orqanları nümayəndələrinin çıxışlarından sonra bu çox yerinə düşər. Ailə zorakılığı elə bir problemdir ki, bu gün ona qarşı mübarizə aparmaq çox çətindir.
Burada bir neçə maneə var. Birinci nədir? O problemə hələ də cəmiyyət tərəfindən patriarxal, sentimental münasibət qalıbdır. Bizdə onun etiraf edilməməsi halı mövcuddur. Bu gün zalda səslənən çıxışlarda da məhz həmin münasibətlə rastlaşdıq. Çox təəssüf ki, problem haqqında az danışıldığı, bu haqda rəsmi statistika, informasiya olmadığı üçün onun geniş miqyaslılığını cəmiyyət hələ axıra qədər dərk etmir və bunun nəticəsi olaraq problem indiyədək etiraf edilmir. Problemin həllində ikinci maneə ondan ibarətdir ki, Azərbaycan mentalitetinə uyğun olaraq, qadınlar çox nadir hallarda hüquq mühafizə orqanlarına müraciət edirlər. Onlar həm də utandıqlarından ora getmirlər. Belə ki, ictimai qınaq hələlik kişilərin xeyrinə işləyir. Qadınlar şikayətə kişilərin qisasından qorxduqları üçün getmirlər. Təbii ki, burada hüquq mühafizə orqanlarının özlərinin də problemi var. Bu orqanlar da qadınların ailə zorakılığı zəminində olan şikayətlərinə diqqətlə yanaşmırlar. Daha bir problem də odur ki, zorakılığa məruz qalmış qadınlarla işləyən hüquq mühafizə orqanları nümayəndələrinin xüsusi professionallıqları yoxdur. Onlar bu sahədə hələlik ixtisaslaşmayıblar. Eyni zamanda, polisdə qadınların az işləmələri də məsələnin həllinə böyük maneçilik törədir.
Növbəti maneə qanunvericilikdə olan boşluqlardır ki, bu gün onun da təkmilləşdirilməsinə böyük ehtiyac vardır. Burada hüquq mühafizə orqanlarının nümayəndələri bir çox rəqəmlər göstərdilər. Təbii ki, bu, reallığı əks etdirmir,  ancaq aysberqin görünən hissəsidir. Bizim hamımızın ilkin vəzifəsi birlikdə fəaliyyət göstərərək aysberqi daha görünən etmək və ona qarşı mübarizə aparmaqdır. Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları bu problemlə çoxdan məşğul olurlar. Onlar həmişə çalışırlar ki, dövlət orqanlarına bu sahədə öz köməkliklərini göstərsinlər. Qadın təşkilatları öz fəaliyyətlərini əsasən maarifləndirmə istiqamətində qurmağa çalışırlar. Bura həm əhalinin, həm xüsusi qruplar olan qadınların və gənclərin, həm də professional qrup sayılan polislərin maarifləndirilməsi daxildir. Lakin çox az təşkilat praktik fəaliyyətlə məşğul olmuşdur. Tibb mərkəzlərinin yaradılması, qadınların məhkəmələrdə təmsil olunmasına diqqət artırılmalıdır.
Qadın təşkilatlarının işində pərakəndəliyin olması, daimi maliyyənin, şəbəkənin olmaması, onların fəaliyyəti üçün böyük maneələr yaradır. Təbii ki, burada əsas çatışmayan cəhətlərdən biri qadın təşkilatlarının Avropa Şurasının bu sahədəki müvafiq qurumları ilə əlaqəli fəaliyyəti, doğrudan da, özünü doğrultdu. Bu, bir daha onu göstərir ki, ailə zorakılığı ilə məşğul olan qadın təşkilatlarının birləşməsinə çox böyük ehtiyac vardır.
Avropa Şurasının bu kampaniyasına gəldikdə isə, Azərbaycanın qadın təşkilatları bu sahədə dövlət qurumları, parlament, hüquq mühafizə və digər orqanlarla əməkdaşlıq etməyə hazırdırlar və onların bu sahədə müəyyən təcrübələri də vardır. Qadın təşkilatları bu kampaniyada hansı sahələr üzrə iştirak edə bilərlər? Təbii ki, birinci, onların həmişə məşğul olduqları maarifləndirmə işidir. Buna çox böyük ehtiyac vardır. Ancaq maarifləndirmə yolu ilə cəmiyyətdə mövcud olan stereotipləri, patriarxal münasibəti dəyişmək olar. Əgər bu stereotipləri, problemə adi hal kimi yanaşmanı, ailə zorakılığının ancaq ailənin daxili işi olması fikrini dəyişə bilməsək, çatdıra bilməsək ki, bunlar insan hüquqlarının pozulmasıdır, onda heç bir qanun yaxşı işləyə bilməyəcək. Odur ki, maariflənməyə böyük ehtiyac vardır. Qadın təşkilatları bunları öz üzərlərinə götürə bilərlər. Həmçinin, qadın təşkilatları hüquq mühafizə orqanlarında, polis, məhkəmə və prokurorluq işçiləri üçün təlimlərin aparılmasına da kömək edə bilərlər. Bu təlimlər xüsusi professional qruplar – həkimlər, sosial sahənin işçiləri üçün aparıla bilər.
Bu sahədə işin daha bir mühüm istiqaməti nədən ibarət ola bilər? Bu, ilk növbədə krizis mərkəzlərinin yaradılması ilə bağlıdır. Burada həm qadınlar, həm uşaqlar ekoloji, tibbi cəhətdən bərpa oluna bilərlər. Bizdə bu iş çox zəif qurulub. Təəssüf ki, hələlik dövlət səviyyəsində belə bir mərkəz yoxdur. Yaxşı olardı ki, bu mərkəzlərin yaradılması məhz dövlət qurumlarının dəstəyi və onların maliyyəsi ilə olsun. Çünki burada müdafiə məsələləri də çox vacibdir.
Bir məsələni də qeyd etmək istərdim. Qeyri-hökumət təşkilatları kimi fəaliyyət göstərən qadın qurumları bu kampaniya dövründə harada daha çox xeyir gətirə bilərlər? Onlar qanunvericiliyin təkmilləşdirilməsi işlərinə cəlb olunmalıdırlar. Bu orqanlar yerlərdə işləyirlər, hansı boşluğun olmasını öz işlərində görürlər. Belə olan halda onlar təkliflərini hazırlayıb parlamentə təqdim edə bilərlər. Artıq bu sahədə işlər gedir. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın təşkilatlarından gələn təklifləri ümumiləşdirib, qanun layihəsi halında parlamentə təqdim etməyə hazırlaşır. Biz əminik ki, qadın qeyri-hökumət təşkilatları dövlət qurumları ilə birlikdə bu kampaniyada fəal iştirak edəcək və bunun nəticəsində qadın hüquqları müdafiə olunacaq, “ailə zorakılığı” adlı bir anlayış get-gedə bizim leksikonumuzdan silinəcəkdir. Mən öz çıxışımı türk xaqanının fikri ilə tamamlamaq istərdim. Orada belə deyilir: “Zülm altında yaşayan məzlum qadın igid oğul böyüdə bilməz”. Azərbaycan qadını həmişə igid oğullar böyütmüşdür. Gəlin elə şərait yaradaq ki, o, həmişə bunu edə bilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Tamam xanım. Mənə elə gəlir ki, çıxışının sonunda Tamam xanımın dediyi fikir Azərbaycanda bu məsələyə olan münasibətin göstəricisidir. Bu mənada qadınların gəldiyi son nəticələr ortaya qoyulan əsas mövqe ilə üst-üstə düşür. Müzakirələrin gedişində səslənən bəzi əks fikirlər, mən istərdim ki, cəmiyyəti çaşdırmasın. Müzakirənin özü də tələb edir ki, burada bu və ya digər əks mövqelər üz-üzə gəlsin. Həqiqət də, təbii ki, bu mövqelərin arasındadır. Bizim cəmiyyətin də əsas borcu bu həqiqəti tapmaqdır. Rəbiyyət xanım, çox narahatsınız, nə isə demək istəyirsiniz?
R. Aslanova. Çox sağ olun ki, heç olmasa, İnsan hüquqları daimi komissiyasının sədrinə də söz verildi. Düzdür, adımı aşağıda yazmışdım, çatdıra bilməmişdim. Mən çıxış etməyəcəyəm, çünki demək istədiklərimi burada həmkarlarım səsləndirdilər. Biri Strasburqda, digəri isə Madriddə keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Mən bu xanımlara sual vermək istəyirəm. Onların da Madriddə və Strasburqda çıxışları Azərbaycan kişisinin təcavüzkar və yaxud Azərbaycan qadınının həmişə döyülüb əziyyət çəkən obrazının formalaşması ilə başladı?
İkincisi, bizim beynəlxalq aləmə, beynəlxalq hüquq məkanına inteqrasiyamız heç də Avropanın bütün mövqelərini dinməz-söyləməz qəbul etməyimiz demək deyil. Bu gün “kampaniya” sözünün özünü eşidəndə, yadıma “Çadraya son qoyaq!” çağırışı düşdü. Kampaniya ilə iş keçmir. Rafael müəllim düz dedi ki, konkret məqamları araşdırmaq lazımdır, ayrı-ayrı məqamları yox. Dünyada 30 milyona qədər qaçqın, köçkün var ki, onların yarısından çoxu qadındır. Mən çox istərdim ki, bizim beynəlxalq təşkilatlarda olan insanlarımız, heç olmasa, orada Azərbaycanın qaçqın, köçkün qadınının hüquqlarının qorunması kampaniyası ilə çıxış eləyəydilər. Bu da belə bir kampaniyanın bütün dünyada yayılmasına səbəb olardı və bu cür çıxışlar da olmazdı.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Gəlin burada polemika açmayaq. Mənim də cavab vermək imkanım var. Ancaq mən ondan yararalanmaq istəmirəm. Məqsədim də burada deyilənlərə cavab vermək yox, öz mövqeyimi ortaya qoymaqdır.
Burada müxtəlif çıxışlar oldu, rəngarəng fikirlər səsləndi. Mən “Azərbaycanda belə problem mövcud deyil”, yaxud da “Azərbaycanda hər şey yaxşıdır” deyənlərin  fikrini qəbul etmirəm. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu problem vardır. Bu müzakirənin açılması heç də o demək deyil ki, Azərbaycanda bu problem digər ölkələrdən daha kəskindir, yaxud da bu problemi müzakirəyə gətirənlər bu şəkildə təqdim etmək istəyirlər.
Burada cinayət hallarının statistikası verildi. Mən bayaq dedim, yenə də deyirəm, bu statistik rəqəmlər qadınların özünün müraciət etməməsi ucbatından heç də reallığı əks etdirmir. Bu cür cinayət halları var. Əgər bir ildə baş vermiş cinayətlərdən 200 nəfər ölübsə, bunu statistika kimi qəbul etməyin özü düzgün deyil. Bunun özü zorakılıqdır. Bir nəfər də ölübsə, bu zorakılıqdır. “Bir nəfər” quru rəqəm deyil, insan taleyidir, ailənin taleyidir.
Burada mən onu qəbul edirəm ki, bizim millət vəkilləri çox ziyalı insanlardır və hər kəs öz düşüncəsi ilə çıxış eləyir. Kim isə öz düşüncəsində qəbul etmədiyini, “cəmiyyətdə yoxdur” deyə, təqdim eləyə bilməz. Çox yaxşıdır ki, bizim cəmiyyətin üzvlərinin çox hissəsi qadına qarşı zorakılığı qəbul etmir. Biz çalışmalıyıq ki, bu meyar hamını əhatə etsin.
Bugünkü məclisdə belə bir məsələnin hüquqi mexanizminin vacibliyi ortaya çıxırsa, bu o demək deyil ki, bununla azərbaycanlı qadın dərhal dəyişəcək, bu günə qədər hüquqi imkanlarından istifadə etməyərək bu addımı atmadığına peşman olacaqdır. Yaxud elə düşünməyək ki, qadın ailə və məişət zəminində ona qarşı törədilmiş hər hansı bir zorakılığa görə Cinayət Məcəlləsində və yaxud digər qanunverici aktlarda məcburi cəza müəyyən ediləndən sonra elə səhərisi gün hüquqlardan istifadə edəcəkdir. Bu hüquqlardan istifadə etməyəcək! Ona görə ki, bu, Azərbaycan kişisinin istəyi deyil, bu, Azərbaycan qadınının düşüncəsidir. Ona görə də bundan çəkinmək lazım deyil.
Əgər biz bu gün qız qaçırmağa görə məsuliyyəti qanuna daxil etmişiksə və bu hal yenə davam edirsə, azalan istiqamətə gedirsə, bunun özü yaxşıdır. Bu bir xəbərdaredici funksiya daşıyır. Ən azı kim isə əlini qaldırmazdan əvvəl biləcək ki, qadının şikayət etmək hüququ var, əlini saxlayacaq. O zaman heç bu hadisə də baş verməyəcək, qadın da məhkəmə orqanlarına getməyəcək və ora müraciət etməzdən qabaq həmişə düşündüyü kimi düşünəcək ki, bu mənim ailəmə, ailədəki mövqeyimə ziyandır.
Burada biz Azərbaycan qadınlarına hüquq veririksə, onların hüququndan istifadə imkanlarından da çox bundan yararlanmayacağına inanırıq. Biz də o qadınların arasından seçilmiş nümayəndələrik. Bizim düşüncəmiz budursa, inanın ki, təmsil etdiyimiz qadınların da düşüncəsi belədir. Ona görə narahatçılığa əsas yoxdur. Biz Avropa ailəsinə üzv oluruq. Bu günə qədər dəfələrlə istəmədiyimiz, bizim mentalitetimizə zidd hesab etdiyimiz qanunları da bu parlamentdə qəbul etmişik, sonra onlar bizim həyat normamıza çevrilibdir. Mən hesab edirəm ki, bu da o qanunlardan biri olacaqdır. Bu günə qədər Azərbaycan ailəsi, Azərbaycan mentaliteti özünə məxsusluğunu qoruyub saxlayıbsa, Avropa dəyərlərinin hüquqi aktlarında əksini tapması ilə heç də o dəyərlərdən uzaqlaşmayacaq. Bu addımlar ona gətirib çıxarmayacaq. Düşünürəm ki, müzakirələri yekunlaşdırmaq olar. Bəyanat layihəsinin mətnini oxumaq üçün sözü Səməd Seyidova verirəm.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, çox dəyərli fikir mübadiləsi aparıldı. Bəyanatı oxumamışdan əvvəl mən də bir neçə kəlmə söz demək istəyirəm. Burada faktlardan başqa, ən əsas, ən vacib məsələ ondan ibarətdir ki, biz öz münasibətimizi göstəririk. Dövlətin qüdrəti, dövlətin gücü zəifə münasibətdən çox asılıdır. O yerdə ki zəif təbəqəyə, incə təbəqəyə, gözəl təbəqəyə diqqət, ədalətli münasibət var, orada dövlət güclüdür, ədalətlidir, demokratikdir. İndi isə mən bəyanata keçmək istəyirəm.
“Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı.
Biz, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avropa Şurasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasını dəstəkləyirik və səlahiyyətlərimizdə olan parlament vasitələri ilə onun həyata keçməsinə kömək göstərməyi öhdəmizə götürürük.
Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur.
Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.
Azərbaycan xalqının təmsilçiləri kimi biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Biz qadına qarşı zorakılığı “ailə” və ya “şəxsi” məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qətiyyən qəbul etmirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir.
Bununla əlaqədar olaraq biz müvafiq beynəlxalq standartlara və bir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair zəruri qanunvericilik aktlarını mümkün qədər tez qəbul etməyi öhdəmizə götürürük. Biz anlayırıq ki, bu aktlar ilk növbədə zorakılıq qurbanlarının müdafiəsini, onlara dəstəyi və yardımı, habelə bu cür hüquqa zidd hərəkətləri törədən şəxslər barəsində müvafiq sanksiyaları nəzərdə tutmalıdır.
Biz təsdiq edirik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə siyasi gündəliyimizin ümdə məsələlərindən olmalıdır. Biz problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etməliyik. Yuxarıda qeyd edilmiş qanunvericilik tədbirləri ilə yanaşı, beynəlxalq və milli tərəfdaşlarla birlikdə hərtərəfli fəaliyyət planı qəbul edilməlidir. Həmin planda müxtəlif tədbirlər, o cümlədən geniş maarifləndirmə işinin aparılması, təlimlər təşkil edilməsi, həqiqi gender bərabərliyinin təmin olunmasına yönəlmiş addımlar atılması, əldə edilmiş tərəqqinin monitorinqi və qiymətləndirilməsi öz əksini tapmalıdır. Bu işlərin görülməsinə qeyri-hökumət təşkilatları da mühüm töhfə verə bilərlər.
Biz qəti əminik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edəcəkdir.
Azərbaycan Respublikasının Milli Məclisi ümidvar olduğunu bildirir ki, dövlət hakimiyyəti orqanlarının ölkə əhalisi tərəfindən dəstəklənən birgə səyləri insan ləyaqətinə ləkə gətirən bu problemin aradan qaldırılması istiqamətində ardıcıl surətdə irəliləməyə imkan yaradacaqdır”.
Sədrlik edən. Təklif var ki, bəyanatı səsə qoyaq. Kim buna razıdır, münasibətini bildirsin.

Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 2
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Mən hesab edirəm ki, ciddi müzakirələr getdi, kifayət qədər dəyərli mövqelər bildirildi. Hətta ziddiyyətli mövqelər də ortaya gəldi.
Bu gün dəvətimizi qəbul edən hökumət, məhkəmə hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar bu məsələyə ciddi münasibətlə yanaşdıqlarını bir daha göstərdilər. Bəyanatda göstərildiyi kimi, bundan sonra Azərbaycanda başlanan bu işin inkişafında onlar fəallıq göstərəcək və bu məsələlərin işıqlandırılmasını təşkil edəcəklər. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU