30.03.2018 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 61

Milli Məclisin iclas salonu.
30 mart 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 13.05 dəq.)
İştirak edir 101
Yetərsay 83


İclasa dəvət olunmuşlar:

Cəbi Bəhramov, Azərbaycan MEA Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini.
Tofiq Nəcəfli, Azərbaycan MEA Tarix İnstitutu direktorunun elmi işlər üzrə  müavini.
İradə Əliyeva, Azərbaycan MEA Tarix İnstitutunun elmi katibi.
Elmar Məhərrəmov, Azərbaycan MEA Tarix İnstitutunun İnformasiya mərkəzinin rəhbəri.
İlqar Niftəliyev, Azərbaycan MEA Tarix İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri.
Natiq Məmmədzadə, Azərbaycan MEA Tarix İnstitutunun Azərbaycan xalqına  qarşı soyqırımları tarixi şöbəsinin müdiri.
Kamran İsmayılov, Azərbaycan MEA Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi.
Nazim Xəlilov, Azərbaycan MEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr  şöbəsinin müdiri.
Rüxsarə Əliyeva, Azərbaycan MEA Tarix İnstitutunun əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Yaqub Mahmudov, Rafael Cəbrayılov, Fəzail Ağamalı, Sahib Alıyev, Ziyafət Əsgərov, Rafael Hüseynov, Fazil Mustafa, Əli Hüseynli, Musa Qasımlı, Musa Quliyev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Cavanşir Feyziyev, Fəzail İbrahimli, Rövşən Rzayev, Fuad Muradov, Tahir Kərimli, İsa Həbibbəyli,  Bahar Muradova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI
30 mart  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 13.05 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, bugünkü iclasımız azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 18-də qəbul etdiyi sərəncama uyğun olaraq azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində keçirilən tədbirlər ilə qeyd edilir. Milli Məclisin bugünkü iclası da tariximizin bu faciəli səhifəsinə həsr olunub. Bununla əlaqədar təklif edirəm ki, son 100 ildə və ondan qabaqkı dövrdə erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)
Hörmətli deputatlar, dövlət başçısı cənab İlham Əliyev Cənubi Qafqazın keçmişi və bu günü ilə bağlı bir sıra konsepsiyalar irəli sürərək erməni millətçilərinin destruktiv fəaliyyətini daim ifşa edir. Onun 18 yanvar tarixli sərəncamında 1918-ci ilin mart–aprel aylarında daşnak-bolşevik dəstələri tərəfindən xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar haqqında həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər müəyyən edilmişdir.
Erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 2 əsrə yaxın yaşı vardır. Bu siyasətin birinci mərhələsi 1828-ci ildə Şimali Azərbaycanın çar Rusiyası tərəfindən tam işğal edilməsi ilə başlanmışdır. Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət idi. Çar Rusiyası işğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı və bu məqsədlə İrandan və Osmanlı imperiyasından xristian erməniləri planlı şəkildə Cənubi Qafqaza köçürürdü. XX əsrin əvvəllərinədək Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürülmüşdü.
Ümumiyyətlə, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını həyata keçirmək üçün erməni amilindən bir alət kimi istifadə etmişlər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazın yerli əhalisinə böyük fəlakətlər gətirmişdir. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları törətmişlər. 2 milyona qədər günahsız insan onların vəhşilik əməllərinin qurbanı olmuşdur. 
1905–1907-ci illərdə, habelə 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırıma məruz qalmışdır. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən yüksək zirvəsi olmuşdur. Mart ayının 3 günü ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilmişdir.
Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1921-ci ildən sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur mahalı, Göyçə mahalı, Qazax qəzasının  dağlıq hissəsi və Naxçıvanın bəzi kəndlər Ermənistana verilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır.
Azərbaycan xalqının fiziki məhvinə, onun tarixi ərazilərinin zəbt olunmasına, bu ərazilər hesabına “böyük Ermənistan” dövlətinin yaradılmasına yönələn siyasət ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında ilk dəfə dövlət səviyyəsində əks olunmuşdur. Fərmanla 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilmiş, azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlərin siyasi-hüquqi qiyməti verilmişdir.
Ulu öndərin bu fərmanı və daha sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir. Hər dəfə biz keçmişə nəzər salanda başımıza gələn fəlakətlərin səbəblərini araşdırırıq. Bu gün hər kəs bu həqiqəti anlayır ki, tarix boyu soyqırım aktlarına məruz qalmağımızın əsas səbəblərindən biri düşmən qarşısına mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli həmrəyliyin möhkəmləndirilməsi məsələlərini diqqət mərkəzində saxlayır. Azərbaycan dövləti gündən-günə daha da inkişaf edib güclənir. Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsi üçün ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək, xalqımıza qarşı düşmənçilik edənlər layiqli cəzalarına çatacaqlar.
Yeri gəlmişkən, mən bir məqam üzərində dayanmaq istəyirəm. Möhtərəm Prezidentimiz dəfələrlə deyib ki, İrəvan, Zəngəzur, digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Respublikası Qərbi Azərbaycan torpaqlarında yaradılıb. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Bu, tarixi faktdır. Tarix isə, böyük filosoflardan birinin dediyi kimi, keçmişin şahidi və həqiqətin nurudur. Mən əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcəkdir. Gec-tez haqq-ədalət öz yerini tutacaqdır. 
İndi əgər icazə versəniz, çıxış üçün sözü bizim həmkarımız, akademik, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudova verək. Yaqub müəllim 1 saat vaxt istəyirdi, xahiş etdik, yarım saat olsun, çünki digər çıxış eləyənlər də olacaq. Buyurun, Yaqub müəllim.
Y.Mahmudov. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Bu gün Azərbaycan Respublikasının parlamentində bizim xalqımızın tarixi taleyi ilə bağlı soyqırımının 100 illiyinə həsr olunmuş bu müzakirənin keçirilməsi hər şeydən öncə Azərbaycan dövlətinin bizim tarixi keçmişimizə qayğılı, sayğılı münasibətidir. Bu münasibətin nəticəsidir ki, artıq möhtərəm Sədrin də qeyd etdiy kimi, Azərbaycan dövlətinin başçısı  neçə illərdir, Milli Elmlər Akademiyasının Tarix  İnstitutu ilə sıx əlaqə saxlayır, bir sıra problemlərin  araşdırılmasında özü təşəbbüs göstərir, əsərlərlə tanış olur, istiqamət verir, çağırışlar edir. Nəticədə biz tariximizə sahib çıxırıq. Bu baxımdan da Prezidentin sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyinin keçirilməsi bizim milli tariximizə dövlət münasibətinin ən parlaq nümunəsidir.
Möhtərəm cənab Sədr, tarixçilərin adından Sizə ən dərin minnətdarlığımı bildirirəm ki, bu gün bizim parlamentimizdə bu məsələnin yüksək səviyyədə müzakirəsi üçün əlinizdən gələn köməkliyi etdiniz. Çox sağ olun.
Əziz dostlar, bu gün Azərbaycan Respublikası  artıq cənab Sədrin dediyi kimi, Cənubi Qafqazda lider dövlətdir, dünyada söz sahibidir. Bizim üçün çox böyük qürur mənbəyidir ki, dövlətimizin başçısının  müəllifliyi ilə müasir inkişafın Azərbaycan modeli formalaşmışdır. Bu model ilə dünyanın ən inkişaf etmiş  ölkələri də maraqlanırlar, o, xalqımıza dünya meydanında çox böyük şərəf gətirir. Bu baxımdan məmnuniyyətlə bildirmək istərdim ki, müəllifi Prezident İlham Əliyev olan müasir inkişafın Azərbaycan modelinin ən mühüm tərkib hissələrindən biri bizim milli dəyərlərimizə, tariximizə sahib çıxmağımızdır. Tariximizin yenidən yazılması və onun olduğu kimi millətimizə təqdim olunmasıdır. Tariximizdəki bütün təhrif olunan, saxtalaşdırılan məsələlərə yeni baxışın formalaşmasıdır. Bu baxımdan uzun müddət tələb olunur ki, təfəkkürlərdə dəyişiklik olsun, yeni təfəkkür formalaşsın. Amma bizim ölkəmizdə aparılan məqsədyönlü prinsipial siyasət nəticəsində, birbaşa Prezidentimizin bu siyasətin başında durması nəticəsində az vaxt içərisində, müstəqilliyimizin 27 ili ərzində, xüsusilə son 10–15 il ərzində artıq bizim milli təfəkkürümüz, dünyaya baxışımız formalaşmışdır, Azərbaycan xalqı öz həqiqi tarixinə sahib çıxmışdır. Belə hesab edirəm ki, Azərbaycan Prezidentinin formalaşdırdığı inkişafın müasir Azərbaycan modelinin ən mühüm tərkib hissələrindən biri də budur. Yəni bu baxımdan bugünkü müzakirədə həmin modelin tərkib hissəsinin parlament üzvləri vasitəsilə bizim xalqımıza çatdırılması olduqca mühüm addımlardan biridir.  
Qeyd etmək istərdim ki, Azərbaycan xalqı öz tarixinə sahib çıxarkən bu yolda ilk növbədə ulu öndər Heydər Əliyevin göstərişlərinə, verdiyi istiqamətlərə arxalanır. Parlament üzvlərinin hamısı yaxşı izləyib, onlar bilirlər, amma özümə borc bilirəm bir daha deyim ki, ulu öndər Heydər Əliyev həmişə son 200 ilin tarixinin yenidən araşdırılmasını tələb edirdi. Akademiyadakı görüşlərində bunu bildirmişdi, tarixçilərə də dəfələrlə tapşırmışdı və istiqamət vermişdi.  Bu yola da bizi ulu öndərimiz Heydər Əliyev çıxardı. İlk dəfə  soyqırımlarla əlaqədar, deportasiyalarla bağlı fərman imzaladı və Azərbaycan xalqına, bizim millətimizə bildirdi ki, biz tarixdəki tədqiqat yolumuzu dəyişdirməliyik, tariximizi olduğu kimi araşdırıb təqdim etməliyik. Bu baxımdan bu gün Azərbaycanımızda bu istiqamətdə nə işlər gedirsə, ulu öndərin verdiyi tarixi istiqamətlərə əsaslanır.
Mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bu istiqaməti, bu yolu Prezident İlham Əliyev bütün prinsipiallığı və gündəlik bizim qarşımızda qoyduğu tələblərlə davam etdirir.  Bu baxımdan da bu gün biz təkcə Tarix İnstitutunda Prezidentimizin göstərişi ilə 13–14 il ərzində 400-ə qədər əsər yaratmışıq. Dünyanın, demək olar ki, bütün ölkələrindən, Dehlidən, Parisdən, Londondan, Berlindən, Sankt-Peterburqdan, Moskvadan, Həştərxandan, keçmiş SSRİ-nin bütün məşhur tədqiqat mərkəzlərindən, İstanbuldan, Ankaradan tariximizə dair, xüsusilə soyqırımlarının tarixinə dair minlərlə sənəd gətirmişik.
Mən bu gün sizə əminliklə bildirmək istəyirəm ki, gələcək tədqiqatçılar üçün  100 illərlə bu sənədlərlə işləməkdən ötrü geniş meydan var və tariximizin araşdırılması üçün bu sənədlərin olduqca böyük əhəmiyyəti olacaqdır. Bu tədqiqat işləri ilə tanış olmayanlar yanlış məlumatlara uya bilərlər. Ona görə sizə bildirmək istəyirəm, birbaşa Azərbaycan Prezidentinin göstərişi ilə İrəvan xanlığının tarixi yazıldı. Məqsəd bundan ibarət idi ki, İrəvan xanlığının tarixi yazılsın, müxtəlif dillərə tərcümə edilsin və bugünkü Ermənistan deyilən dövlətin bizim Azərbaycan torpağında yaradıldığını dünya bilsin. Orada bizim İrəvan xanlığı adında dövlətimiz olub, ondan qabaq Çuxur-Səəd əmirliyi olub. Tarix boyu bu torpaqlar bizim olub.
Bu baxımdan Prezident işə başlayan kimi, 2004-cü ildə Tarix İnstitutunun direktoruna kəsərli tapşırıq verdi ki, az vaxt içərisində Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixi yazılmalıdır. Mən sizə məlumat verirəm ki, İrəvan xanlığının tarixini biz hətta Mexikoda Latın Amerikası ölkələri üçün ispan dilində çap etdirmişik, onu geniş tirajla Latın Amerikası ölkələrində yaymışıq. Ərəb, alman, ingilis, fransız dillərində nəşr etdirmişik. İtaliyada onu italyan dilinə tərcümə edib təqdimatını keçirmişik. Rusiyanın, demək olar ki, hər yerində yaymışıq və bu işlərin hamısının başında cənab Prezident şəxsən özü durub və şəxsən bu materiallarla tanış olandan sonra onun nəşrinə icazə verib. Burada bu heyətin məhdud hissəsi qarşınızdadır, onlara minnətdarlığımı bildirmək istəyirəm. Ermənilərə bu zərbənin vurulmasında iştirak edən və mənim keçmişdə Rəsul Rzanın zamanında Azərbaycan Milli Ensiklopediyası yaradılarkən çox yaxından əməkdaşlıq etdiyim və dostum olan Sabir Əsədovun xidmətini burada xüsusi qeyd etmək istəyirəm. Qərbi Azərbaycanın ilk tarixi coğrafiyasını o yaratdı. Erməni mifi ilə əlaqədar çoxsaylı əsərlərini nəşr etdirdi və bu gün Tarix İnstitutunda bu işlər daha da dərinləşdirilir.  Bunun nəticəsində biz artıq öz sözümüzü dünyaya deyirik. Bu gün qarşınızda bu əsərlərin bir hissəsi nümayiş etdirilir və bunların bir çoxunu biz dünya dillərinə tərcümə etmişik. Cənab Prezidentin göstərişi ilə İrəvan xanlığı və Qarabağla bağlı bu nəşrlərin hamısını xırda broşürlər şəklində nəşr etməyə başlamışıq. İndi bunları fars dilinə, erməni dilinə və bir sıra başqa dillərə tərcümə edərək  dünyaya yayırıq. Bu işlər getdikcə daha da dərinləşdirilir.
Mən vaxtınızı almaq istəmirəm. Mənə verilən vaxt daxilində istərdim ki, bəzi tezisləri, bu tədqiqatların nəticələrini sizin diqqətinizə çatdırım. Birinci nəticə bundan ibarətdir ki, bu regiona, hətta Asiya qitəsinə ermənilər gəlmədirlər. Ermənilər nəinki Azərbaycanda, bütövlükdə Asiya qitəsində aborigen, yəni yerli əhali deyillər, ermənilər Balkan yarımadasında yaşamış frigiya etnosudur. Heridotdan başlayaraq bütün mənbələr, tədqiqatlar bunu sübut edir. Köç saldıqları hər bir yerdə uyğun olaraq adlarını dəyişiblər. Axırıncı dəfə Şərqi Anadoluda Erməniyyə vilayətinə köçən kimi adlarını dəyişdirib erməni və oranın da adını Ermənistan adlandırmağa başlayıblar, yəni “AрмÑнское нагорье”, erməni yaylası. Mən şübhələndim ki, bu dağlar erməni dağlarından öncə yaranıbdır. Araşdırdım, məlum oldu ki, XIX əsrin ortalarında Şərqi Anadoluda Tavr dağlarına “erməni dağları” adı verilib və bu, Avropada da yayılıb. Yəni bu saxtakarlıqlar davam edir. Ona görə də bizim tədqiqatlarımız birmənalı şəkildə sübut edir ki, Pyotrun göstərişindən sonra, XIX əsrin əvvəllərində çar Rusiyasının Qacarlar və Osmanlı imperiyası ilə apardığı müharibələrin gedişində ermənilərin buraya köçürülməsinə başlanıbdır. İlk dəfə ermənilər 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinin şərtlərinə əsasən bizim torpaqlarımıza, Şimali Azərbaycan torpaqlarına köçürülmüşlər. Tarixi faktlar bunu sübut edir. Onlar köçürülərkən Rusiya çarı Nikolayın fərmanı ilə ilk dəfə Cənubi Qafqazda bizim torpaqlarımızda erməni vilayəti yaradıldı.
Bu vaxta qədər Ermənistan adlı bir inzibat ərazi vahidi bizim torpaqlarımızda yox idi. Bunların hamısı sübutdur. Burada bizim tədqiqatçılarımız əyləşiblər. Biz araşdırmalar nəticəsində müəyyən etmişik ki, hətta erməni zabiti Qazaros Lazaryan İrandan erməniləri bizim torpaqlara köçürərkən oradan köçmək istəməyən ermənilərə – adi ermənilərə də, varlı ermənilərə də terror tətbiq edibdir. İran hakimiyyəti də, Osmanlı hakimiyyəti də onların köçməsini istəmirdi. Onda Qazaros Lazaryan çıxış edərək ermənilərə yalvarır ki, biz buradan getməmiş qoşulun bizə, sizi buradan köçürəcəyik, itkiniz olmayacaq, amma daimi vətən əldə edəcəksiniz. O vətən hara olmalıydı? O, Qarabağ olmalıydı, Naxçıvan ərazisi olmalıydı, İrəvan xanlığının ərazisi olmalıydı, bütün bu faktların hamısı var. Rus rəssamı Maşkovun ermənilərin necə köçürülməsini əks etdirən tablosu var. Arxada Ağrı dağı görünür. Sizin hamınız bilirsiniz ki, Qarabağdakı separatçılar, quldurlar 1978-ci ildə Marquşevanda abidə qoymuşdular, “Marağa 150” abidəsini. Onlar 150 il bundan qabaq Marağadan köçüb gəliblər. Üstündən 10 il keçəndən sonra indiki Ermənistan rejiminə başçılıq edən faşist Sarkisyanın başçılığı ilə o abidə dağıdıldı və onun dağıntıları artıq hamının gözü qarşısındadır. Yəni bütün bunların hamısı inkaredilməz tarixi faktlardır. Bizim tədqiqatlarımız sübut edir ki, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində 2 istiqamətdə soyqırımı həyata keçirilmişdir. O soyqırımlarını biz araşdırdıq, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci ildə “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası ilə tamamilə üst-üstə düşür. O konvensiyanın bütün şərtləri bizə qarşı həyata keçirilən soyqırımlarının şərtlərinə cavab verir. Bu baxımdan mən xüsusi qeyd etmək istərdim ki, bu soyqırımlarından birincisi “Daşnaksütyun” partiyası Bakı komitəsinin üzvü Stepan Şaumyan hakimiyyəti ələ keçirdikdən sonra  Bakıda başladı. Bu barədə mən geniş danışıb vaxtınızı almaq istəmirəm, sadəcə olaraq, bildirmək istəyirəm ki, bu, qabaqcadan düşünülmüş bir plan idi. Məqsəd bir xalqı öz vətənindən məhrum eləmək, özü də təkcə müsəlman əhalini deyil, kim bu torpaqlarda yaşayırsa, yəhudi, tat, ləzgi, avar, hamısını məhv etmək, burada “böyük Ermənistan”  yaratmaqdan ötrü ərazi yaratmaq idi, söhbət bundan gedirdi. Əgər belə olmasa idi, nə üçün Qubada soyqırımı keçirilməli idi, hansı zərurət var idi? Nə üçün Lənkəranda, Azərbaycanın başqa yerlərində keçirilməli idi? Nə üçün Naxçıvanda, İrəvan ellərində, Qarabağda, Zəngəzurda soyqırımı keçirilməli idi? Burada vahid məqsəd bundan ibarət idi ki, bu ərazilər boşaldılsın.
Yeri gəlmişkən, mən burada bəyan eləmək istəyirəm, soyqırımlarının tarixini, coğrafiyasını araşdırdıq, məlum oldu ki, eyni zamanda, Orta Asiyada da “Daşnaksütyun” partiyası türk xalqlarına qarşı soyqırımı həyata keçirib. Kokandda, Xivədə on minlərlə türk əhali məhv edilib. Bu siyasətin kökündə bu dayanırdı. Böyük dövlətlər heç zaman ermənilər üçün “böyük Ermənistan” yaratmayacaqdılar. İndən belə də yaratmaq iddiasında deyillər, sadəcə olaraq, öz çirkin niyyətlərini həyata keçirməkdən ötrü bu amildən istifadə elədilər. Bu, tarixi həqiqətdir. Bakıda Stepan Şaumyanın başçılıq etdiyi hakimiyyət erməni hakimiyyəti idi. Bizim sənədlərimiz var. O sənədlər nümayiş etdirilir, maraqlananlara da  verə bilərik. Sənədlərdə çox aydın göstərilir. Əlimizdə Tiflis jandarmeriyasının məlumatı var, Stepan Şaumyan 1909-cu ildən “Daşnaksütyun” partiyası Bakı komitəsinin üzvüdür. “Daşnaksütyun” partiyasının rəhbərlərindən biridir. Sadəcə olaraq, sovet hakimiyyətinin yaxınlaşdığını hiss edərək şinelini dəyişib bolşeviklərə qoşulub, çirkin niyyətini bolşevik şinelində həyata keçirmək xəttini götürüb və bu soyqırımının başında dayanıb. Bu soyqırımı onun göstərişi ilə həyata keçirilib. Kimlər idi bunlar? Mən istərdim, Milli Məclisdə bunları bilsinlər. Burada sosializmdən, kommunizmdən, bolşevizmdən söhbət getmirdi. Onun ətrafına kimlər toplaşmışdı, soyqırımı cəlladlarının başında duran  “Daşnaksütyun” partiyasının üzvü Əmiryan idi, o, Bakıda varlı ailələrin uşaqlarını girov götürüb “Daşnaksütyun” partiyasının xəzinəsini doldururdu. Kiyevdə də bu əməlləri törətmişdi. Sultan İkinci Həmidi öldürməkdən ötrü terror qrupuna o başçılıq eləmişdi. Terror baş tutmayandan sonra Şaumyan onu Bakıya gətirtdi. Şərqi Anadoluda soyqırımlarına başçılıq eləyən cəlladı da Bakıya Şaumyan gətirtmişdi. Mikoyanı da Şaumyan gətirtmişdi. Hərbi inqilab komitəsinin sədri Karqanov erməni idi.  Bakı dənizdən, hər tərəfdən bombardman ediləndə xüsusi plan əsasında  ancaq müsəlman məhəllələri bombardman edilirdi ki, burada azərbaycanlı qalmasın. Hərb inqilab komitəsinin üzvləri başda Avetisyan olmaqla hamısı erməni zabitləri idi. Bunlar faktlarla sübut olunub. Şərqi Anadoludakı insan  cəlladını Qubaya gətirtmişdi və burada açıq elan eləmişdi ki, mənə göstəriş verilib, Şahdağ ilə Xəzər dənizi arasında bir nəfər də sağ adam qalmayacaq. Kim vermişdi bu göstərişi? Bu göstərişi Şaumyan vermişdi. Lalayan Şamaxını viran elədi, hətta bolşeviklər bundan narazı qaldılar. Bolşevik Kojemyakinin təhdidi ilə fövqəladə təhqiqat komissiyası yaradıldı və Şamaxıya göndərildi. Məlum oldu ki, Lalayan ucdantutma insanları məhv eləməklə məşğuldur. Ona görə də onu dama basdılar ki, bu cür siyasət yeritmək olmaz. İki gündən sonra Şaumyan onu buraxdırdı ki, bu cür hərəkət eləmək olmaz, qoy işi ilə məşğul olsun. Lenin bütün Qafqazın taleyini bu erməni zabitlərinə və Şaumyana  tapşırmışdı. Sonra 1917-ci il dekabrın 29-da xüsusi dekretlə Şərqi Anadoluda ermənilər üçün dövlət yaratmaq, erməni milisi, əslində, quldur dəstələri yaratmaq da Şaumyana tapşırılmışdı. Sənədlərlə sübut olunur ki, Şaumyan buradan birbaşa Androniklə əlaqə saxlayırdı. Erməni cəlladları vasitəsilə Azərbaycan ərazisində qırğın həyata keçirilirdi. Bu,  tarixi faktdır.
Mən bu məsələlərin üzərində geniş dayanmayacağam, çünki sizi yormaq istəmirəm. Sadəcə, bu məsələlərin araşdırılmasında yaxından kömək etdiyinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığımızı yetirməyi möhtərəm Sədrdən xahiş edirəm. Biz bilirdik ki, Sahil bağında “26-lar” deyilən  məzarda 26 cəsəd yoxdur və Azərbaycan  Prezidenti cəsarətli addım ataraq göstəriş verdi ki, orada qazıntı işləri aparılsın. Mən 5 gün o qazıntılarda iştirak eləmişəm, oradan 23 cəsədin qalığı çıxdı. Bizim tibbi komissiyanın rəhbəri Şakir Musayevin başçılığı ilə işç heyət cəsədləri yaşına görə düzdü. 40 yaşında olan cəsədin sahibi yox idi. Şaumyanın da 40 yaşı var idi. 47–48 yaşı olan Dəmiryanın, İçərişəhərdə silah paylayan 23 yaşlı Avakyanın da cəsədləri yox idi. Biz bu faktları dünyaya bildirdik. Təəssüf edirəm ki, hətta Azərbaycanda  dövlətimizə, iqtidara qarşı olan qüvvələrin bəziləri Şaumyanın tərəfinə keçib onu müdafiə elədilər. Amma biz sənədlər axtarıb tapdıq, bu sənədləri sizə verə bilərəm. Sənədlərdə göstərilir ki, 26-lar güllələnəndən sonra Stepan Şaumyanla Mikoyan həmin Krasnavodsk məhbəsində  10 gün bir kamerada yatıblar, 10 gün onlara  yemək verilib, hər gün də onların pulu ilə manat yarım vəsait ödənilib. Bunlar hamısı sübuta yetirilib. Ən nəhayət, bizim jurnalistlər araşdırma nəticəsində Şaumyanın Kəlkütdə yaşadığı evə də  gedib çıxıblar.
Bildirmək istəyirəm ki, bu məsələdə Azərbaycan Prezidentinin xüsusi rolu var. Mən bunu hətta Kopernikin kəşfinə bənzədirəm. Çünki uzun müddət bizim xalqımızı təhqir eləyən bu cəlladlara təzim eləməyə vərdiş eləmişdilər. O məzarlıq açılandan sonra Prezident xüsusi humanistlik nümayiş etdirdi, o cəsədlərin qalıqları şəhər qəbiristanlığına köçürüldü, amma sübut olundu ki, orada 26 cəsəd yoxdur. Sübut olundu ki, bu soyqırımı cəlladlarından birini ingilis, o birini bolşevik kəşfiyyatı aradan çıxarıbdır. Bu məsələlərin hamısı Prezidentin göstərişini yerinə yetirərkən tarixçilərdən xüsusi inadkarlıq, xüsusi təşəbbüs, xüsusi gərginlik tələb elədi. Bu gün məmnuniyyətlə bildirmək istəyirəm ki, Tarix İnstitutu məmnundur ki, Prezidentin bu tapşırıqlarının öhdəsindən gəldi.
Mən soyqırımları tarixində xüsusi bir məsələni qeyd etmək istəyirəm. Həqiqətən, bu torpaqlar tamamilə məhv ediləcəkdi, Azərbaycan xalqından,  burada yaşayan etnoslardan azad edilib ermənilərə şərait yaradılacaqdı. Onlar Bakını özlərinə paytaxt eləmək istəyirdilər. Sizə məlumat vermək istəyirəm, Bakıdakı qırğından sonra 4 min silahlı daşnak cəlladı  qırğınlarda iştirak eləyib. Bizim parlamentimizdən də sual olunur, maraqlanaq, 4 min silahlı daşnakın Şaumyanın yanında nə işi vardı? Nə üçün gətirilmişdilər? Bunlar soyqırımını həyata keçirmək üçün  gətirilmişdilər. Bunlar  inkaredilməz tarix faktlardır. İki gün sonra apreldə Şaumyan Leninə şad xəbər verdi ki,  4 min daşnakdan, – əslində isə onlar daha çox idilər, – istifadə edərək bunlara qalib gəldik. Milli qırğın  oldu, biz buna şüurlu şəkildə bilə-bilə getdik. Belə olmasaydı, bura onların paytaxtı olacaqdı. Söhbət Azərbaycanın milli qüvvələrini, “Müsavat”ı və başqa partiyaları yerli-dibli məhv eləməkdən gedirdi. Bu baxımdan bildirmək istəyirəm ki,   Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası parlament olaraq səlahiyyəti öz üzərinə götürüb Azərbaycan Xalq Cümhuriyyətini elan elədi. Dövlətimiz  Osmanlı Türkiyəsinə müraciət elədi və Qafqaz İslam Ordusu Azərbaycana göndərildi. Beləliklə, Azərbaycan  Xalq Cümhuriyyəti bu addımı ilə xalqımızın məhv olmasının qarşısını aldı. Bu cümhuriyyət xalqımızın ən şərəfli anlarından biridir və bu xüsusilə qeyd olunmalıdır ki, cümhuriyyət bu addımı atarkən başqa niyyətlərlə atmışdı. Mən bir qədər sonra sizə İrəvanın verilməsi ilə əlaqədar bildirəcəyəm, burada tamamilə başqa məsələlər var idi. Onların heç birini erməni tərəfi yerinə yetirmədi.
Cümhuriyyətimizin 100 illiyinin qeyd olunması ilə əlaqədar Prezidentimizin dövlət səviyyəsində fərmanı var, sərəncamı var. Yəqin ki, bununla əlaqədar görüşlərimiz olacaq və orada da bir sıra məsələlər açılacaq. Xüsusi qeyd etmək istəyirəm ki, biz gələcəkdə  bu tədqiqatların istiqamət yönünü bir qədər dəyişməliyik. Çünki Qafqaz İslam Ordusu Azərbaycana gəlməsə idi,  bu işlər fəlakətli sonluqla qurtaracaqdı. Amma bizim Azərbaycanda general Mehmandarov, general Əliağa Şıxlinski, Həbib bəy Səlimov kimi hərbçilərimiz və formalaşmaqda olan milli ordu qüvvələrimiz var idi. Azərbaycan xalqının könüllüləri var idi. Biz o zaman türk qardaşlarımızla birlikdə hərbi əməkdaşlığımızın nəticəsində qalib gələ bildik. Bu məsələdə Azərbaycan tərəfini önə çəkməyin vaxtıdır və gələcəkdə bu abidə qoyulanda da qardaşlıq abidəsi olmalıdır. Azərbaycan–Türkiyə qardaşlığının hərbi abidəsi qoyulmalıdır. Bu baxımdan bu səhifələr  araşdırılmalıdır.
Mən burada qeyd etməliyəm ki, bizim soyqırımları dövrünün dəhşətli hadisələrindən biri Ermənistan (Ararat) respublikasının yaradılmasıdır. Orada dövlət səviyyəsində bizim xalqımıza qarşı növbəti soyqırımı başladı. Azərbaycan  Xalq Cümhuriyyəti Osmanlı Türkiyəsinin bəzi dairələrinin təkidli tələbi ilə razılıq əsasında İrəvanı 9 min kvadratkilometrlik  torpaqla birlikdə mərkəz olsun deyə ermənilərə verdi. Şərtlər qoyuldu, protokollar bizim əlimizdədir. Erməni Milli Şurası ilə fransız dilində bağlanılan protokollar bizim əlimizdədir. Razılıq haqqında imzalar da bizim əlimizdədir. Şərtlər nə idi? Şərtlər bundan ibarət idi ki, Türkiyəyə xəyanət eləyən ermənilər Şərqi Anadoludan sel kimi Cənubi Qafqaza axışırdılar. Şaumyan da burada əməliyyat aparırdı, Azərbaycan çox ağır vəziyyətə düşə bilərdi. Ona görə şərt qoyuldu, İrəvan ona görə verilir ki, soyqırımları dayandırılmalı, Şaumyanın quldur dəstələri çıxarılmalı, Androniklə əlaqə saxlanılmamalı, erməni quldur dəstələri tərk-silah olunmalıdır. Bir də Qarabağın adı tutulmamalı, bizə qarşı ərazi iddiası edilməməlidir. Öhdələrinə götürdülər. Bir də öhdələrinə götürdülər ki, orada qalan azərbaycanlılara  ermənilərlə bərabər hüquqlar veriləcək. Ali məktəbləri, orta məktəbləri olacaq, Şeyxülislamları olacaq. Bütün bu razılıqlar əsasında İrəvan ermənilərə güzəştə gedildi, amma  səhəri günü bu şərtlərin hamısı pozuldu. O ərazilərdə  bizim xalqımızı qırmağa başladılar. Abidələr dağıtdılar,  sərhədləri pozdular, Zəngəzura, Qarabağa keçdilər, soyqırımına başladılar. Heç bir şərt qüvvədə qalmadı, bütün şərtlər qüvvədən saldılar, daxildəki azərbaycanlılara hüquq vermək əvəzinə hamısını məhv elədilər. Fakt olaraq bildirmək istəyirəm ki, İrəvanla ətrafı mayın 29-da verilmişdi, üstündən cəmi ikicə ay keçdi, iyulun sonunda artıq Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski o zaman İstanbulda danışıqlar aparan Məmməd Əmin Rəsulzadəyə ultimatum xarakterli bir teleqram vurdu ki, ermənilərə bildirin, bir də onlar Qarabağın adını tutsalar, bizə qarşı ərazi iddiası irəli sürsələr, qərarımızı ləğv edəcəyik, yəni İrəvanın verilməsi haqqında qərarı ləğv edəcəyik.  İrəvanın verilməsindən iki ay sonra artıq cümhuriyyətin özü də bildi ki, ermənilər bütün şərtlər pozdular.
Ona görə çox hörmətli möhtərəm Sədr, mən Sizə müraciət etmək istəyirəm. Ermənilər Batumi müqaviləsinin bütün şərtlərini birtərəfli qaydada pozublar və verdiyimiz 9 min kvadratkilometr torpaq əvəzinə bu gün 29,8 min kvadratkilometr ərazinin sahibidirlər, bunların da hamısı Azərbaycan torpaqlarıdır, Qərbi Zəngəzurdur,  Naxçıvanın əlindən alınan torpaqlardır, Qazaxdan gedən torpaqlardır və daha sonra bizim Dağlıq Qarabağ ətrafında işğal olunan torpaqlardır. Ona görə də düşünürəm ki, bu qərarın ləğv edilməsi və Azərbaycan xalqının İrəvan ətrafındakı torpaqlara tarixi varislik hüququnun bərpa olunması vaxtı çatıb. Əlbəttə, dövlət siyasətinə müvafiq olaraq biz Milli Elmlər Akademiyasının Tarix İnstitutu adından bir elmi təklif olaraq veririk. Bu gün Dağlıq Qarabağda və onun ətrafında həmin siyasət davam etdirilir və  təkcə Xocalıda deyil, Dağlıq Qarabağ ərazisində çoxsaylı soyqırımları həyata keçirilib. Bu soyqırımı caniləri bu gün Ermənistanda hakimiyyətdədirlər.
Mən çox hörmətli parlament üzvlərinin vaxtını almaq istəmirəm, mənə verilən vaxt sona çatır. Bəzi təklifləri vermək istərdim. Əvvəla, bütün bu məsələlərin hamısı, sadəcə, tədqiqat deyil, bu sənədlərdə erməni vəhşiliyinin bütün anları  əksini tapıb. Hamilə Azərbaycan qadınlarının bətnindən uşağı çıxarıb nizəyə keçirmək,  qızardıb anaya yedirtmək, sonra ananı öldürmək, təndirə atıb yandırmaq – bütün bunlar həmin sənədlərdə göstərilib. Hətta Nərimanov dəhşətə gəlmişdi, o yazırdı: “Vicdansız Lalayevə necə haqq qazandırmaq olar? Buna ancaq vətəndaş müharibəsi demək olar, Şamaxı camaatını, qız-gəlinləri məscidə doldurub,  onların namusunu tapdalayıb, sonra məscidin içində yandırıb”. Nərimanov o zaman bu məsələləri yazırdı,  bunlar hamısı tarixi faktlardır. Mən bildirmək istəyirəm ki, bütün bu havadarların gücünə baxmayaraq, Azərbaycan xalqı bir xalq olaraq öz qüdrətini göstərdi. Biz bunları indi araşdırırıq. O zaman Azərbaycanımızda Qarabağın Xosrov Paşa bəy Sultanov kim general-qubernatoru bunların əl-ayağını yığdı, beynəlxalq qüvvəyə mane oldu, onun qardaşı Sultan bəy də onların əl-ayağını yığdı,  difaiçilər erməni terroruna qarşı partiya yaratdılar, həmin terror törədənlərin özlərini məhv elədilər. Bizim Qanlı dərədə, Qusarda camaat yığışaraq erməni dəstələrini məğlub eləyib geri qaytardılar. Bizim xalqımız məhv olmadı, özünü qorudu, silahı olmadan qorudu, havadarları olmadan qorudu və bu gün biz yaşayırıq. Bu baxımdan da bütün bu məsələlərin əks olunduğu sənədləri Hərbi Prokurorluqla  işləmişik, onlar da iş aparırlar. Əlimizdəki sənədlər tələb edir ki, bizim parlamentimiz dünyaya müraciət eləsin ki, Xocalı soyqırımı da daxil olmaqla bütün bu soyqırımlarına hüquqi qiymət verilsin, buna çox böyük ehtiyac var.
Mən, möhtərəm Sədr, Sizə təşəkkür edirəm ki, bu gün parlamentdə bu məsələ müzakirə olunur. Qoy dünya bizim parlamentimizin səsini eşitsin. Xocalı və digər soyqırımları caniləri bu gün yaşayırlar və onların özləri etiraf ediblər ki, Xocalıda soyqırımını ona görə törətdik ki, qoy dinc əhali bilsin, biz onlara da əl qaldırırıq. Yəni xoflanıb torpaqlarını tərk eləsinlər. Daha nə lazımdır, caninin özü etiraf eləyir. Onlar məhkəmə qarşısında durmalıdırlar. Bu məsələ ilə əlaqədar məsələ qaldırılmasını təklif edirəm. Dünyada ikili standartlar siyasəti var. Türk-müsəlman dünyasında olan qırğınlara  ikili standartlarla yanaşılır. Bu insanlara, onların insani hüquqlarına insani münasibət bəslənilmir. Biz ikili standartlara qarşı çıxış etməliyik və mən İrəvan məsələsi ilə əlaqədar, möhtərəm Sədr, öz təklifimi verdim. Sonda Sizə bir daha minnətdarlığımı bildirirəm. Tarix İnstitutuna imkan yaratdınız, biz apardığımız tədqiqatlarla  parlamentin qarşısında durduq. Burada  1000-ə qədər sənədli əsər var. Möhtərəm Sədr, Tarix İnstitutu böyük məmnuniyyətlə bu əsərləri Milli Məclisə töhfə eləyir. Mənə vaxt verdiyinizə görə minnətdaram, çox danışdım, üzr istəyirəm. Sağ olun.  
Sədrlik edən. Çox sağ olun, Yaqub müəllim. Həyat elə gətirib ki, mən gənc vaxtlarımdan tarixçilərin içində olmuşam. O zaman Yaqub müəllim ən cavan tarixçilərdən biri idi. Ensiklopediyanın araşdırıcı tarixçilərindən biri idi, ürəyi yanan  insan idi. Allah qismət elədi, 2004-cü ildə gəldi, Tarix İnstitutunun direktoru oldu və cənab Prezidentin dəstəyi və göstərişi ilə bu institutun iş istiqamətini dəyişdi və belə nəticələri oldu. Yüzlərlə yeni kitab çıxdı. İnstitut işləyir və mən əminəm ki, bundan sonra da işləyəcək. Mən Sizə, bütün kollektivinizə öz minnətdarlığımı bildirirəm və uğurlar arzulayıram. Sağ olun, Yaqub müəllim. (Alqışlar.)  Xahiş edirəm, müzakirələr üçün yazılın. Rafael Cəbrayılov.     
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Təxminən 200 ilə yaxın müddət ərzində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı əməllər 1948-ci ilin dekabrında qəbul olunmuş beynəlxalq konvensiyaya, habelə bu konvensiyanın əsasında milli hüquqa gətirilmiş Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunmuş əlamətlərə tam uyğundur və hüquqi baxımdan soyqırımı cinayətləridir. Ermənilərin törətdikləri soyqırımı cinayətləri qəddarlıq üsuluna, adam öldürmək üsuluna görə klassik soyqırımı cinayətlərindən fərqlənir. Belə ki, hər dəfə növbəti soyqırımı əməlini törədərkən ermənilər adam öldürmə üsullarından daha qəddar şəkildə istifadə ediblər. İnsanları öldürməzdən əvvəl işgəncələrə məruz qoyublar, meyitlər üzərində təhqiramiz hərəkətlər ediblər, insanların öldürülməsindən zövq alıblar. Bu, soyqırımı əməllərinin erməni dəst-xətti ilə törədilməsi hallarıdır. İndi bizim məqsədimiz dünyaya 200 ilə yaxın bir müddət ərzində silsilə şəklində törədilmiş soyqırımı əməllərini tanıtdırmaq və bu istiqamətdə fəaliyyətimizi daha da canlandırmaq və növbəti uğurlara nail olmaqdır. Sözsüz ki, bu istiqamətdə  böyük işlər görülüb və çoxlu sayda da uğurlarımız var. Filmlər çəkilib, elmi əsərlər yazılıb, təbliğat işləri aparılıb. Ölkə Prezidentinin elə bir çıxışı yoxdur ki, orada Xocalı ilə bağlı, ümumiyyətlə, erməni soyqırımı ilə bağlı məsələlərə toxunmasın və ermənilərin  Azərbaycan xalqına qarşı apardıqları bu soyqırımı siyasətini ifşa etmək istiqamətində danışmasın.  Amma  daha böyük nəticələrə nail olmaq olar və bunun üçün də çox çalışmaq lazımdır. Hər kəs razılaşar ki, hər bir məqsədyönlü fəaliyyət peşəkarcasına aparılanda və əyani vəsaitlərdən istifadə olunanda daha yaxşı səmərə  və daha böyük uğurlar qazanmaq mümkün olur. Əgər nəzərə alsaq ki, təbliğat özü də məqsədyönlü fəaliyyətdir və bu da peşəkarcasına aparılmalı,  bu sahədə də əyani vəsaitlərdən istifadə olunmalıdır. Qeyd etməliyik ki, burada  əyani vəsait rolunda bax elə qeyd etdiyimiz  əsərlər, filmlər, heykəllər, abidələr, memorial komplekslər, habelə muzeylər çıxış edir. Mən vurğulamaq istəyirəm ki, 200 ilə yaxın bir müddət ərzində soyqırımına məruz qalan bir xalq olsaq da, bu gün Qubada tikilən memorial kompleks istisna olmaqla nə bizim bir mükəmməl soyqırımı abidəmiz var, nə də bir soyqırımı muzeyimiz var.
Bu gün Azərbaycanda yaxşı bir ənənə yaradılıb. Azərbaycana ayaq basan hər bir rəsmi şəxs əvvəl ulu öndərin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox yaxşı bir təcrübədir. Amma etiraf edək ki, Şəhidlər Xiyabanını ziyarət etməklə yanaşı, onun bazasında yaradılacaq olan bir soyqırımı memorial kompleksini və ya soyqırımı muzeyin ziyarət etsə idi, bu, işin xeyrinə ola bilərdi. Bildiyiniz kimi, buna Şəhidlər Xiyabanı ərazisinin daha çox haqqı çatıb. Çünki ora qədim Çəmbərəkənd qəbiristanlığıdır. 1918-ci ildəki soyqırımları zamanı, o qətliam zamanı öldürülən şəxslərin bir qismi məhz elə həmin qəbiristanlıqda dəfn olunub. Daha sonra o qəbiristanlıq dağıdıldı, onun yerində Kirovun heykəli ucaldıldı, daha sonra isə bildiyiniz kimi, 1990-cı ilin yanvar şəhidləri orada dəfn olundu və mən düşünürəm ki, orada çox möhtəşəm bir memorial kompleksin ucaldılması işin xeyrinə olardı. Baxsaq, Bakı şəhərində “Ana harayı” abidəsindən başqa mükəmməl bir soyqırımı abidəmiz yoxdur. Mən düşünürəm ki, bu istiqamətdə  işlər görsək, bunun Xocalı soyqırımı ilə yanaşı, eyni zamanda, ermənilərin  azərbaycanlılara qarşı  törətdiyi bu əməllərin daha əyani şəkildə təbliğatını təşkil edə bilərik. Fikrimi əsaslandırmaq üçün mən kiçik bir xatirəni nəzərinizə çatdırmaq istəyirəm. Mən sovet ordusu sıralarında ikiillik hərbi xidmətimin bir hissəsini Ermənistanda  keçirmişəm və orada xidmət etdiyim, 1500-ə  yaxın əsgəri olan hərbi alay hər 6 aydan bir İrəvan şəhərində yerləşən soyqırımı abidəsini ziyarət edirdi. Həmin o qondarma soyqırımı abidəsinə baxarkən bələdçinin dediyi sözlər indi də yadımdadır. O qadın deyirdi: “Türklər milyonlarla erməni öldürdülər və bizi yer üzündən silmək istədilər. Son qalan az miqdarda erməniləri bax bu əbədi məşəl simvolizə edir. Onun üzərinə əyilmiş bu beton lövhələr isə hər bir xeyirxah insanın, o cümlədən də bax elə sizlərin əllərini simvolizə edir”.
Gördüyünüz kimi, o, erməni hiyləsindən istifadə edib biz inandırmağa çalışırdı. Bu baxımdan mən düşünürəm ki, 200 ilə yaxın bir müddətdə soyqırımına məruz qalan bir xalqın çox mükəmməl bir soyqırımı memorial kompleksi olmalıdır. Azərbaycana ayaq basan rəsmi şəxslərdən tutmuş idmançılara qədər hamı əvvəl ulu öndərin məzarını, daha sonra isə bu soyqırımı abidəsini ziyarət etməlidir. Hamı bilir ki, Azərbaycana mükəmməl mühəndis qurğularının gətirilməsi ilə bağlı çox yaxşı bir təcrübəmiz var. İstər Dövlət Bayrağı Meydanı olsun, istər Alov qüllələri, istərsə də Heydər Əliyev Mərkəzi. Bu cür mükəmməl mühəndis qurğuları kimi Bakının simvoluna çevrilə biləcək növbəti bir soyqırımı memorial kompleksi yaratmaq lazımdır. Mən düşünürəm ki, bu, yalnız işin xeyrinə olar.  Çıxışımın sonunda mən, ümumiyyətlə, bu müddət ərzində ermənilər tərəfindən qətlə yetirilmiş hər bir soydaşımıza Allahdan rəhmət diləyirəm və Azərbaycan xalqına başsağlığı verirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, 33 millət vəkili yazılıb. Əgər etiraz etmirsinizsə, 5 dəqiqəlik çıxış edək, yəni 3 dəqiqəyə, 5 dəqiqəyə  fikrimizi bölüşək. Buyursun Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri və qonaqlar! Mən çıxışımı Yaqub müəllim başda olmaqla Tarix İnstitutunun bütün əməkdaşlarına minnətdarlıqla başlamaq istəyirəm. Doğrudan da, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Yaqub müəllimin rəhbərliyi altında Tarix İnstitutu çox möhtəşəm və  əhəmiyyətli işlər görmüş, tarixi həqiqətləri bu baxımdan araşdıraraq dünyaya, bəşəriyyətə təqdim etmişdir. Ümidvaram ki, illərdən bəri Azərbaycana qarşı aparılmış olan informasiya müharibəsində bu tədqiqatlar özünün müsbət təsirini göstərərək mühüm  rol oynayacaqdır. Mən bu soyqırımları ilə bağlı dəfələrlə fikrimi söyləmişəm. Bu gün bir daha təkrar etmək istəyirəm ki, 200 ildən üzü bəri ermənilər ingilis və rus imperiyalarının hərtərəfli köməyi və yardımı ilə Azərbaycanın tarixi torpaqlarında “böyük Ermənistan” yaratmaq arzusunu reallaşdırmağa çalışırlar və addım-addım buna doğru gedirlər. Burada söylənildiyi kimi, XIX əsrin 30-cu illərindən başlayaraq ta bu günə qədər ermənilər həmin ənənələrinə sadiqdirlər. Ermənilər təkcə 1905–1906-cı illərdə Azərbaycanın İrəvan xanlığında, eyni zamanda, Zəngəzurda, Şuşada və Gəncə quberniyasında 275 Azərbaycan kəndini darmadağın etmiş və demək olar ki, orada minlərlə insan qətlə yetirilmişdir. 1918–1920-ci illərdə bu ənənə davam etdirilərək 748 kənd tamamilə darmadağın edilmiş və 200 mindən çox soydaşımız İrəvandan başlayaraq Lənkərana qədər, Şamaxıdan başlayaraq Naxçıvana qədər öldürülmüşdü.  1948–1956-cı illərdə həmin ənənə başqa bir müstəvidə davam etdirilmiş, Azərbaycanın tarixi torpaqlarından 200 minə qədər soydaşımız “ilan mələyən” çöllərə deportasiya olunaraq orada dözülməz bir həyat şəraitinə məhkum edilmiş və onların da üçdə biri həyatını itirmişdir.
Nəhayət, 1988-ci ildən başlayaraq  bu soyqırımı siya-səti davam etdirilmiş və  Ermənistan torpaqlarımızın 20 faizin işğal edərək bu günə qədər əlində saxlamışdır. Azərbaycanın cəhdlərinə baxmayaraq, Ermənistan özünün işğalçı siyasətini bu günə qədər davam etdirir və mən  qətiyyətlə bu fikirdəyəm ki, Ermənistan işğal olunmuş torpaqlarımızı geri qaytarmaq niyyətində deyil və heç bir sülh danışıqları bu torpaqların azad edilməsinə xidmət etməyəcək. Nəzərə alaq ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu günə qədər Minsk qrupunun həmsədrləri tərəfindən himayə olunur. Ermənistana qarşı təzyiqlər yoxdur, sanksiyalar tətbiq olunmur. Əksinə, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Amerika Birləşmiş Ştatlarına,  Fransaya dəvət edilir, eyni zamanda, imkan verilir ki, Sarkisyan kimi cinayətkar beynəlxalq tribunalarda  çıxışlar etsin və Xocalıda törətmiş olduğu soyqırımına haqq qazandırsın. Belə bir vəziyyətdə, əlbəttə, mən düşünürəm ki, bizim yeganə yolumuz ölkə Prezidentinin sərt mövqeyini bu gün reallaşdırmaq üçün Azərbaycan xalqı ilə bərabər Ermənistanda yaranmış olan vəziyyətdən istifadə edərək ona tarixi dərs verməkdir. Ona tarixi zərbə vuraraq  xəyallarını torpağın altında basdırmalıyıq. Bunun üçün Azərbaycanın bu gün iqtisadi qüdrəti,  hərbi imkanları var, gücü var, Azərbaycan  xalqı ilə Prezidentin birliyi var. Sonda çox təəssüf edirəm ki, Azərbaycanın Prezidenti tərəfindən müəyyən olunmuş hücum diplomatiyasına bu gün xarici işlər naziri adekvat addımlar atmır. Onun Azərbaycan qarşısında ən böyük xidməti onda olardı ki, öz təşəbbüsü ilə istefaya getsin. Sağ olun.
Sədrlik edən. Xeyir ola, bu köhnə “Ana Vətən” Partiyası elə  xarici işlər nazirindən yapışır.
Hörmətli millət vəkilləri, biz iclasın sonunda bəyanat qəbul etməliyik. Ona görə də redaksiya komissiyası olmalıdır. Əgər etiraz etmirsinizsə, mən 7 nəfərdən ibarət bir redaksiya komissiyası təklif edim ki, onlar bəyanat hazırlasınlar. Bahar Muradova, Yaqub Mahmudov, Fəzail İbrahimli, Tahir Mirkişili, Dilarə Cəbrayılova, Çingiz Qənizadə və Nəsib Məhəməliyev. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, çox sağ olun. Buyursun Sahib Alıyev.
S.Alıyev. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Düz 100 il bundan əvvəl xalqımıza qarşı törədilmiş vəhşiliyin bir adı var idi. O da BMT-nin 1948-ci il 9 dekabr tarixli konvensiyasına dayanaraq ulu öndər Heydər Əliyevin 1998-ci il martın 6-da imzaladığı fərmanda vurğuladığı kimi, soyqırımıdır. O fərman nə üçün verilmişdi? Eləcə də Prezident İlham Əliyevin 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımının 100 illiyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam çərçivəsində Azərbaycan parlamentində təşkil edilən bu toplantı nə üçündür? Bu haqda fikirlərimi bölüşmək istəyirəm. Biz yaşadığımız faciələri göz önünə sərənlərdən, yazıq görkəmdə özünü təqdim etməkdən, ağlayıb sızlamaqdan güc alanlardan deyilik və ola da bilmərik. Amma biz bununla uydurma soyqırımlarını əllərində bayraq edərək qarşılığında torpaq, təzminat istəyində bulunanların, törətdikləri terrora, yeritdikləri işğalçı siyasətinə haqq qazandırmağa çalışanların kimliyini, guya özlərinin üzləşdiklərini, əslində isə digərlərinin başlarına gətirdiklərini ortaya qoyuruq. Onu da ortaya qoyuruq ki, haylar  soyqırımına uğramış 10 minlərlə azərbaycanlının cəsədləri üzərində özlərinə dövlət yaradıblar. Bu, fikrimcə, daha çox onun üçündür ki, keçmişdən dərs alaq, ibrət götürək. Biz bu soyqırımları ilə təkcə ona görə üzləşmədik ki, mərdimazar, fürsətçi, kinli, məkrli və onun-bunun  əlində alət olan qonşumuz var. Daha dəqiqi, gətirib bu regionda bizə belə bir qonşu sırıyıblar. Biz ilk növbədə ona görə belə bir soyqırımına uğradıq ki, onun qarşısını alacaq gücümüz yox idi. Cənab Sədr, vurğuladığınız kimi, mütəşəkkil deyildik, dövlətimiz yox idi, liderimiz yox idi. Torpaqlarımıza  yad ünsürlərin gətirilib yerləşdirilməsi elə bundan qaynaqlanmırdımı?
Tarix təkrarlanır deyirlər, elədir, tarix təkrarlanır. Ancaq heç də hamı üçün  və heç də hər yerdə deyil. Tarix ondan dərs çıxartmayanlar üçün və ondan dərs çıxarılmayan yerdə təkrarlanır. Necə ki, 1918-ci ildə baş verənlər 30 və 70 il sonra azərbaycanlıların indi Ermənistan adlandırılan torpaqlarmızdan deportasiyası, ardınca da işğalı ilə təkrarlandı. 1918-ci il soyqırımını haylar kimlərdən dəstək alaraq törətmişdilərsə, Xocalı soyqırımını da eyni cür törətdilər. Bir daha qeyd edirəm, bax bu anım ilk növbədə onun üçündür ki, biz indiyədək başımıza gətirilənlərdən ibrət götürək, regionda kimin kim olduğunu unutmayaq. Bu gün İrandan Ermənistana, hətta işğal altındakı Qarabağa turist kimi gedərək haylara dolayısı ilə iqtisadi dəstək verən soydaşlarımız unutmasınlar ki, Bakıdan öncə ermənilər Urmiya ətrafında bir gündə 10 min adamı qətlə yetirmişdilər. Qadına, körpəsinə, qocasına baxmadan azərbaycanlı olduqları üçün öldürmüşdülər. Azərbaycan türkləri və kürdlərinə qarşı eyni vəhşilik Xoy, Salmaz, Maku və digər yerlərdə də törədilmişdi. Əgər başında Əli Ehsan paşanın durduğu Osmanlı ordusu özünü yetirməsəydi, orada bir azərbaycanlı belə sağ buraxılmayacaqdı.
Çıxarmalı olduğumuz ən böyük dərs isə bir daha təkrar edirəm, budur ki, biz bir xalq kimi zəif ola bilmərik, belə də təkcə düşmənlərimizdən zərbə yemirsən, arxa sandıqlarından da özlərinə zərər dəyməmələri üçün  min illər boyu yaşadıqları torpaqları kimə  isə peşkəş etdirmələrini görürsən. Unutmamalıyıq ki, Azərbaycan torpağında məhz o üzdən Ermənistan adlı dövlət yaradıldı, qədim İrəvanımız da uydurma dövlətə paytaxt elan edildi. O zaman Milli Şuranın ancaq 3 nəfər üzvü, İrəvandan olan Mirhidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov buna qarşı çıxdılar. Ancaq onların səsi eşidilməz qaldı. Ona görə eşidilməz qaldı ki, İrəvanın haylara verilməsi ilə bağlı təzyiqlərə tab gətirməyə gücümüz və təəssüf ki,  iradəmiz də yox idi. Tanrıya şükürlər olsun ki, indi Azərbaycan o Azərbaycan deyil. Prezident İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışı zamanı bir fikir səsləndirdi. O dedi ki, cümhuriyyətin qurucuları indiki Azərbaycanı görsəydilər, fəxr edərdilər. Əminəm ki, bu belədir, əminəm ki,  ruhları qarşısında baş əyməyi borc bildiyimiz Mirhidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov da indiki dövlətimizi görsəydilər, dövlət başçımızın Rəvan, Göyçə, Zəngəzur haqqında dediklərini eşitsəydilər rahatlıq tapardılar. Rahatlıq tapardılar ki, haylar bir daha başımıza belə oyunlar gətirməyəcəklər. Azərbaycanlılar bir gün işğal altındakı bütün torpaqlarımız kimi, İrəvan, Zəngəzur və Göyçəyə də qayıdacaqlar. Ona görə ki, indi regionun ən güclü dövləti bizim dövlətdir, ən güclü ordusu bizim ordumuzdur və bu dövlətin, bu ordunun başında cənab İlham Əliyev kimi öz xalqının maraqlarını bütün maraqlardan üstün tutan güclü liderimiz var. Diqqətinizə və söz verdiyinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Rafael Hüseynov.
R.Hüseynov. Hörmətli dostlar, Azərbaycanın millət təqvimində martın 31-i soyqırımı günüdür. Bu, əslində, yalnız bir kədər günü deyil, böyük düşüncə günüdür. Çünki Azərbaycanın soyqırımı gününü biz qeyd edəndən az sonra istiqlalımızın, dövlət müstəqilliyimizin 100 yaşı tamam olur, onu bayram edəcəyik. Bunlar, sadəcə, tarixlərin bir-birinə uyğunluğu, təsadüfi yaxınlaşması deyil, soyqırımları bir siyasət olaraq Azərbaycanın istiqlalına, Azərbaycanın dövlət müstəqilliyinə, bir millət olaraq Azərbaycanın milli varlığına qarşı yönəldilmiş hərəkatdır, cərəyandır. Olsun ki, bu soyqırımları, millətin ümumi kədəri olan hadisələr zaman-zaman  hər bir insanı düşündürür. Amma mən  bu soyqırımı, bu hadisələr, bu dərdimiz barədə hər gün düşünürəm. Çünki hər gün mən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gedirəm. Canlı xatirələrdən və arxiv materiallarından bilirəm ki, – bunu mənə Hüseyn Cavidin xatirələrindən qızı Turan xanım danışmışdı, atası Abdulla Şaiqin xatirələrindən akademik Kamal Talıbzadə söyləmişdi, sonra ayrı-ayrı arxivləri araşdırdıqca bunun yüzlərlə təsdiqini də görmüşəm, – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin damında 1918-ci ilin mart günlərində pulemyotlar qoyulubmuş və ermənilər o pulemyotlardan küçələrdən keçən insanları uşağına, böyüyünə, qocasına, cavanına baxmadan yalnız azərbaycanlı olduqlarına görə, bu millətin təmsilçiləri olduqlarına görə qırırlarmış. Ən əcaibi və maraqlısı da odur ki, bütün varlıqları boyu saxta mənbə quruculuğu ilə, saxta sənəd yaradıcılığı ilə məşğul olmuş ermənilər o dövrdə də, o soyqırımlarını törətdikləri zamanlarda da eyni işi görüblərmiş. 1918-ci ilin sentyabrında Tiflisdə guya azərbaycanlıların ermənilərə qarşı soyqırımı törətdikləri haqqında ayrıca bir kitabça buraxmışdılar. Amma sovet on illəri ərzində bizim bütün bu hadisələr barədə danışmaq imkanımız olmayıb. O zaman Əlimərdan bəy Topçubaşov və onunla birgə Paris Sülh Konfransına gedən Azərbaycan təmsilçiləri bu soyqırımları ilə əlaqədar sənədləri, fotoları özləri ilə apararaq dünyanı bu məsələlərdən hali etmək istəyirmişlər.
Düşünürəm ki, bu gün bizim ən vacib vəzifələrimizdən biri də bunu dünyaya çatdırmaqdır. Əlbəttə, son illərdə  dövlətimizin və ayrı-ayrı fəal insanların apardıqları ardıcıl iş sayəsində Xocalı soyqırımını dünyanın bir çox parlamentləri, dövlətləri,  Amerika Birləşmiş Ştatlarının bir çox ştatları tanıyıblar. Bu çox yaxşıdır. Amma bu soyqırımlarının, sadəcə,  lokal bir hadisə deyil, 100 ildən artıq bir müddətdə sistemli şəkildə davam edən hadisə olduğunu dünyaya çatdırmaq üçün bunun daha əvvəlki mərhələlərini, o cümlədən 1918-ci il soyqırımını biz dünyaya  daha artıq tanıtdırmalıyıq. 2001-ci ilin aprel ayında Azərbaycan Avropa Şurası Parlament Assambleyasında həqiqi üzv olaraq ilk addımlarını atdı, ilk sənədini hazırladı. O ərəfədə ermənilər yenə erməni lobbisinin dəstəyi ilə guya  Türkiyənin ermənilərə qarşı törətdiyi soyqırımını tanıması haqqında bir sənəd hazırlayırdılar. Biz qarşılıqlı olaraq başqa bir sənəd hazırladıq. O sənədi bizim hazırlamağımıza mane olan insanlar da var idi. O sənədin altındakı ilk imza bu gün Azərbaycan  dövlətinə rəhbərlik edən, o zaman isə Azərbaycan nümayəndə heyətinin başçısı olan Prezident İlham Əliyevin imzası idi və bu, beynəlxalq  səviyyədə soyqırımlarımızın tanınması haqqında ilk sənəd idi. Həmin sənəd “Azərbaycana qarşı ermənilərin törətdiyi soyqırımlarının tanınması haqqında” adlanırdı. Orada soyqırımının bütün mərhələləri əksini tapmışdı. Düşünürəm ki, bu qəbildən olan sənədlər çox silsiləli olmalıdır və 1918-ci ildə başlayan soyqırımı ilə bağlı sənədi, əlbəttə, soyqırımı ondan əvvəl başlamışdı, amma bütün sübutları ilə ortada olan bu sənədi dünyaya tanıtdırmalıyıq. Böyük işlər görülməlidir. Respublikada soyqırımı muzeyi ilə bağlı işlər gedir və yaxın zamanlarda yəqin ki, o muzey olacaq. Mən bilirəm ki,  neçə il əvvəldən o muzeyin hazırlanması və açılması ətrafında iş gedir. Mən 2 il öncə Respublika Hərbi Prokurorluğunda böyük bir soyqırımı muzeyini yaratmışam. Amma mənim düşündüyüm nədir? Dünyaya bunu tanıtdırmaq üçün hüquqi sənədlər, kitablar öz yerində, yaxşı bədii film olmalıdır. Yəni yəhudilərə qarşı faşizmin törətdiyi cinayətləri göstərən təsirli bədii film kim filmlər olmalıdır. Vaxtilə kinorejissor Romm tərəfindən  çəkilən çox güclü publisistik film kimi film olmalıdır ki, biz də öz düşüncələrimizi bu  sənəd əsəri vasitəsilə dünyaya çatdıraq. Yəni hüquqi sənədlər öz yerində, beynəlxalq çalışmalar öz yerində, bu istiqamət də öz yerində olmalıdır. Düşünürəm ki, bu istiqamətdə  bizim görəcəyimiz işlər hələ çoxdur. 
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun. Bu, həqiqətən də, xalqımızın tarixində çox önəmli bir hadisədir. Mən tarixə xitab etməyəcəyəm. Çünki burada kifayət qədər fikirlər səsləndirildi. Bugünkü təqdimatda  bir sevindirici hal oldu ki, ilk dəfə idi, Azərbaycan cəmiyyətinə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İrəvanın verilməsi ilə bağlı hansı şərtləri irəli sürdükləri və hansı sənədin altına imza atdıqları açıq-aşkar bəyan edildi. Buna qədər düşünülürdü ki, orada oturan kişilər sanki bizdən daha az vətənpərvər idilər ki, götürüb 9 min kvadratkilometrlik torpağı İrəvana vermişdilər.  Azərbaycan cəmiyyətində bu anlayış yayılmağa başlamışdı. Halbuki o kişilər məhz Azərbaycan dövlətini qurmaq üçün  minimum güzəştlə  təzyiqlər altında bu addımın atılmasını nəzərə almışdılar, bunu azacıq vicdanı olan insanlar bilirdilər. Zəngəzuru, Naxçıvanı, başqa bölgələri qorumaq üçün bunu etmişdilər. Azərbaycan cümhuriyyəti Tiflisdə elan olunmuşdu. Öz ölkəmizdə elan olunmamışdı. Yalnız iyunun 16-da Gəncəyə köçə bildilər və ancaq sentyabrın 15-də Bakı işğaldan azad olunandan sonra  Bakıya köçə bildilər. Paytaxtsız, ordusuz, heç bir şeyi olmayan insanların dövlətin qurulması üçün almanların, fransızların, başqalarının təzyiqini necə dəf etdiklərini cəmiyyətə izah etmək lazımdır və onların hansısa bir  ittiham hədəfinə götürülməsinə qətiyyən yol vermək olmaz. Bu, açığı, vicdani bir naqislik olardı.
Mən hesab edirəm ki, biz soyqırımlarla bağlı danışanda  birinci növbədə onu nəzərə almalıyıq ki, bunun əsas səbəblərindən biri Azərbaycan xalqının tarixi dövrdə doğru  təşkilatlana bilməməsi idi. Biz gücsüz olduq, güclü, daha çox təşkilatlanmış qüvvə bizi bu formada sıradan çıxara bildi.  Amma biz bu gün soyqırımını xatirə kimi, yaxud da tarixi xatırlama anı kimi müzakirə etməməliyik. Mənim fikrimcə, soyqırımına qarşı Azərbaycan xalqının hansı dirəniş və uğuru ortaya qoyduğunu xatırlamaqla bunu davam etdirmək yolunu düşünməliyik. Məsələn, bizim bu gün hansı vəfa borcunu necə yerinə yetirməyimiz müzakirə olunmalıdır. 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamların qarşısına o zaman Sorbon Universitetini bitirmiş Əhməd bəy Ağayev kimi Azərbaycanın tarixən gəlib getmiş ən böyük mütəfəkkiri belində silah bütün qoçuları, silah tutanların hamısını cəlb edərək qisas alan bir şəxsiyyət kim çıxdı, “Difai” adlı təşkilat yaratdı. “Difai” adını  ədəbiləşdirmək üçün biz nə etmişik? Heç bir şey etməmişik.
1918-ci ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu gəldi və Azərbaycan xalqının qisasını aldı. Nuru Paşanın xatirəsini əbədiləşdirmək üçün nə etmişik? Heç nə etməmişik. 2 il öncə şəxsən mən Mədəniyyət Nazirliyinə  film təqdimatı ilə bağlı ssenarilər təqdim elədim ki,  100 illik gəlir, film çəkək. Kitablar  mütəxəssislər tərəfindən yazılır, böyük işdir, faydalı işdir, insanlar işləyirlər, yaxşıdır, təqdim edirlər, ancaq bunlar mütəxəssis tərəfindən oxunur, geniş auditoriyaya çıxmır. Rafael müəllim doğru qeyd etdi, yəhudilərin soyqırımı haqqında biz haradan öyrəndik? İnsan taleyi ilə bağlı çəkdikləri fərqli-fərqli filmlərdən öyrəndik. Biz bu filmləri ortaya qoya bilmədik. 100 illik gəlir, ancaq ortaya qoyacağımız bir sanballı film yoxdur. Bu qədər laqeydlik olmaz axı. 100 il öncə də laqeyd idik.  Bu gün də bunu yarada bilmədik. Bu gün bizim  dövlətimiz, ordumuz var, ancaq ATƏT-in 3 həmsədrini dəyişə bilmirik. O dövrü təsəvvür edin, dövləti yox, ordusu yox, amma görün nələr edə bildilər. İstintaq komissiyası yaratdılar, bütün bunları sənədləşdirdilər və bu günə miras buraxdılar ki, baxın, xalqın başına hansı oyunlar gəlib.  Bakının general-qubernatoru Murad Gəray bəy Tlexası Bakının küçələrində qəfəsdə gəzdirib öldürdülər, çünki axıra qədər bolşeviklərə müqavimət göstərdi. Adına bir küçə də vermədilər. Ona görə  baxmaq lazımdır ki, biz vəfa borcumuzu necə yerinə yetiririk. Sabah buna müqavimət göstərən insanlar bilsinlər ki, xalq, doğrudan da, ona dəyər verəcək. Bu gün Məmməd Əmin Rəsulzadə barədə söhbət düşəndə deyirlər, quruculardan biri idi. Müasir Azərbaycan  dövlətinin qurucusu Heydər Əliyevdir. Heydər Əliyevlə birgə 10, 20, 30 insanın  burada zəhməti var. Amma qurucu Heydər Əliyevdir. Bunu kim inkar edə bilər? 1918-ci ildə də Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadə idi. Onunla birgə 10, 15  icraçı olub. Amma ideya müəllifi odur. Bunu niyə  inkar edirlər, adını harasa verməkdə bəhanə gətirirlər? Novxanıda ata evini uşaq bağçasına çeviriblər. İndiyə qədər niyə onu təmir etmirik, niyə muzeyə çevirmirik? Soyqırımı muzeyini, burada doğru səsləndi, niyə yaratmırıq? Öz əlimizdə olan işləri görməyəndən sonra erməni Nijdeyə abidə qoyanda başlayırıq qışqırmağa ki, niyə abidə qoydu?

 
Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən.  Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Biz çox diqqətlə məruzəçi Yaqub müəllimin fikirlərini dinlədik və hamımız, cənab Sədr, Sizin o fikrinizlə şərikik ki, cənab Prezidentin tövsiyəsi nəticəsində son illər Tarix İnstitutunun gördüyü işlər öz bəhrələrini verməyə başlayıb.  Nə yaxşı ki, 1998-ci ildə Heydər Əliyevin verdiyi ilk fərman, sonra Milli Məclisin qərarı, müzakirələr, bu 20 il ərzində görülən işlər ardıcıllıqla davam etdirildi. Əlbəttə, həmkarlarımızın bu gün yeni təklifləri var və yəqin ki, bu təkliflərin böyük əksəriyyəti çox əsaslıdır. Çünki əldə etdiyimiz nailiyyətlərin daha da çox olmasını istəyirik. Soyqırımı hadisələrinə qiymət verərkən  tarixdə baş vermiş hadisələrə həmin dövrün tarixi reallıqları ilə yanaşı qiymət vermək lazımdır, bu baxımdan tarixçi alimlərimizin son dövrlər gördükləri işləri çox müsbət qiymətləndirirəm.
Əsrin əvvəlində Azərbaycanda, məhz Bakı şəhərində hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz mart hadisələrin ona görə soyqırımı  kimi dəyərləndirə bilirik ki, Azərbaycanın ziyalı insanları, qabaqcıl insanları baxmayaraq ki, onların bir hissəsi “Müsavat” Partiyasında idi, bir hissəsi bolşevik idi, kommunist idi, amma bu məsələdə onlar, əsasən, vahid mövqedən çıxış etmişdilər. Həm Məmməd Əmin Rəsulzadə, həm Nəriman Nərimanov bu hadisələri soyqırımı kimi dəyərləndirirdilər. Hesab edirəm ki, tarixçilərimiz Azərbaycan tarixinin 1920–1930-cu illər  ərzindəki mövqeyinə  arxiv sənədlərində bir daha baxmalıdırlar. Çünki faktiki olaraq 1930-cu illərdən sonra həmin hadisələri vətəndaş müharibəsi kimi qiymətləndirməyə başladılar. Amma 1920-ci illərdə bir çox tarixçi alimlərimiz 1918-ci il mart hadisələrini soyqırımı kimi, müsəlmanlara qarşı  zorakılıq kimi dəyərləndirirdilər. 
Burada Yaqub müəllimin çıxışının sonunda söylədiyi bir fikir də, yəni soyqırımına qarşı müqavimət hərəkatının aparılması  çox dəyərli bir fikir idi. Həqiqətən də, ziyalılarımız, tanınmış insanlarımız olan Hacı Zeynalabdin Tağıyev və Nağıyev bütün müsəlmanlara müraciət etdikdən sonra, hələ türk qardaşlarımız Qafqaz İslam Ordusu ilə köməyə gələnə qədər ilk kömək cəhdini Dağıstan müsəlmanları, Şimali Qafqaz müsəlmanları göstərməyə başladılar. Şimali Qafqazın müftisi Nəcməddin Qotsinski qərar qəbul etdi və Şimali Qafqazdan bir qrup müsəlman Azərbaycana, Bakıya yürüş etməyə başladı. Təxminən 1500 atlı yola çıxdı və yol boyu Azərbaycan bölgələrindən də minə yaxın könüllü qatıldı. Bakıda hadisələrin belə acınacaqlı olmasının əsas səbəbi ondan ibarət idi ki, Azərbaycanın müsəlman əhalisi İçərişəhərdə və Bakı kəndlərində yaşayırdı. Bakı isə sənaye şəhəri olduğuna görə, bir sıra bölgələrdə ermənilər yaşayırdılar. Bu baxımdan Bakının mərkəzində, həqiqətən də, azərbaycanlılara qarşı soyqırımı törətmək mümkün oldu. Amma qısa zaman çərçivəsində  Bakı kəndlərindən, Dağıstandan kömək gəldi, o insanlar Xırdalana qədər gəlib çatdılar. Aprelin 7-də və 8-də orada gərgin döyüş baş verdi. Amma həm Gəncədən gələn kömək, həm də Dağıstandan gələn kömək ağır top atəşləri nəticəsində dayandırılmış oldu.  Buna baxmayaraq, sonradan Qafqaz İslam Ordusunun uğurla  Bakıya hərəkət etməsi üçün şərait yaradılmış oldu.
O cümlədən Qarabağda, Zəngəzurda və Göyçədə gedən mübarizədə hesab edirəm ki, əhalimiz sıx birləşmişdi. Xosrov bəy Sultanovun adı çəkildi. Onlar baxmayaraq ki, özləri mühasirədə idilər, amma  Bakıya da kömək edirdilər. Bu baxımdan hörmətli həmkarlarım, mənə elə gəlir ki, 1918-ci ildə, Xalq Cümhuriyyətinin dövründə, ümumiyyətlə, o illərdə siyasi düşüncəsi ilə fərqli insanların olmasına baxmayaraq, xalq bir idi. O hadisələrlə 1988–1992-ci illərdə baş verən hadisələr fərqlənir. Hesab edirəm ki, 1988–1992-ci illərdə  xalq ilə hakimiyyət birliyi mövcud olmadığına görə, bu hadisələr Azərbaycan ərazisinin yenidən işğal olunması ilə  nəticələndi. Bu gün isə hesab edirəm, fəxrlə qeyd etmək olar ki,  ulu öndərin verdiyi fərmandan sonra və son 10 il ərzində, xüsusilə cənab Prezidentin gördüyü işlər nəticəsində bütövlükdə Azərbaycan  əhalisi, dünyadakı türk əhalisi, müsəlmanlar baş vermiş hadisələrlə bağlı obyektiv fikirlərə malikdirlər və bu işləri davam etdirmək gərəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Cənab Prezidentimiz İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən bu xüsus    toplantı çox böyük əhəmiyyət daşıyır. Bu gün bizim üçün həm ağır bir gündür, hüzn günüdür, həm də 31 martdan sonrakı tariximizə baxıb gələcək strategiyamızı müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. 31 martla bağlı ən dəyərli tədqiqatlar ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamdan sonra başladı. Hesab edirəm ki, 31 martda törədilən soyqırımının gerçək mahiyyətini böyük dövlətlərin  Azərbaycan siyasətinə dərin nüfuzunu  dərk etmədən anlamaq çox çətin olar. Biz bu günü ona görə anırıq ki,  31 martda törədilənlər bəşəriyyətə və sivilizasiyaya qarşı cinayətdir və bir daha təkrar olunmamalıdır. Bu soyqırımlarının ideya kökləri çarizmin isti dənizlərə yiyələnməsindən keçir. Böyük dövlətin hər hansı bir gücü ermən ünsüründən istifadə etməsindən keçir. Erməni ünsürününkü isə böyük dövlətlərdən istifadə edib tarixdə olmayan uydurma “böyük Ermənistan” yaratmaq istəklərindən keçir. Yoxsa heç bir zaman Ermənistan Azərbaycana qarşı bunları törədə bilməzdi. 
Soyqırımının coğrafiyası təkcə indiki Azərbaycanı əhatə etmir. Şərqi Anadolunu, Cənubi Azərbaycanı, İrəvan quberniyasını, Tiflis quberniyasını və indiki Azərbaycan ərazisini əhatə edir. Qırğınların törədilməsində konkret olaraq məqsəd Bakını, Abşeron yarımadasını türksüz bir əraziyə  çevirmək, Azərbaycanın müstəqilliyinin qarşısını almaq idi. Bunu törədənlər o məqsədə nail ola bildilərmi? Xeyr. Bizim millətimizin və xalqımızın böyüklüyü bundan ibarətdir. Azərbaycanı, Abşeron yarımadasını, Bakını türksüz,  müsəlmansız əraziyə çevirə bilmədilər. Bu ərazi öz sahibinə nəsib oldu. Sahibi yenidən ona hakim oldu. Azərbaycanın istiqlalının qarşısını kəsmək istəyirdilər, ancaq kəsə bilmədilər.
Mayın 28-də ilk dəfə olaraq bizim millətimiz müsəlman Şərqində demokratik bir cümhuriyyət qurdu. Biz bu tarixdən ibrət almalıyıq. Tarix yalnız statistika və xronologiya üçün deyil. Hesab edirəm ki, bu baxımdan deputat həmkarım hörmətli Sahib müəllim Alıyev çox dəqiq məsələləri vurğuladı. O nədən ibarət idi? Bizim alacağımız ibrət odur ki, o dövrdə güclü dövlətimiz olsaydı, bizim başımıza bunlar gələ bilərdimi? Gələ bilməzdi. Deməli, bizim hər birimiz dövlətimizin güclü olmasına çalışmalıyıq. Biz həmişə zəif  vaxtımızda, anarxiya  şəraitində torpaqlarımızı itirmişik və soyqırımlarına məruz qalmışıq. Deməli, biz anarxiya milləti deyilik, biz qurucu bir millətik. Anarxiyaya kim meyil edirsə, qarışıqlığa kim meyil edirsə, Azərbaycan millətinin və dövlətinin əleyhinə çıxmış olur. Bizim alacağımız ibrət bundan ibarətdir. O dövrdə ordumuz olsaydı, bunlar ola bilərdimi?  Xeyr. Bircə “Ð´Ð¸ÐºÐ°Ñ Ð´Ð¸Ð²Ð¸Ð·Ð¸Ñ”, yəni “vəhşi diviziya”dan başqa bir şeyimiz yox idi. Deməli, bizim diqqətimiz ordumuza yönəlməlidir.
Burada başqa bir məsələni də vurğulamaq istəyirəm. Hörmətli cənab Sədr, tariximizə  vahid  surətdə baxılmalıdır. Biz tariximizə ideoloji baxmamalıyıq. Həmin  dövrün müxtəlif siyasi təşkilatlarında olan şəxslər martda törədilənləri eyni cür, yəni qırğın kimi, soyqırımı kimi qiymətləndirirdilər. Rəsulzadə də elə qiymətləndirirdi, Nəriman Nərimanov da. Baxmayaraq ki, onlar başqa-başqa təşkilatlarda idilər. Bizim alacağımız ibrət ondan ibarətdir ki, bugünkü Azərbaycanın siyasi təşkilatları, partiyaları milli dövlət maraqları üçün bir cəbhədə çıxış etməlidirlər, bir addım atmalıdırlar. Azərbaycanda sabitliyin qorunmasında, dövlətin güclü olmasında maraqlı olmalıdırlar.
Hörmətli cənab Sədr, mən bir neçə kəlmə də Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin fikirləri ilə bağlı söyləmək istəyirdim. Bilirsiniz ki, o, bəzi sayıqlamalar etdi. Mənim sizdən bir xahişim var. Bizim çox görkəmli alimimiz Sabir Əsədov, Allah rəhmət eləsin, bizim  tariximiz üçün çox böyük bir iş gördü. “Ð˜ÑÑ‚Ð¾Ñ€Ð¸Ñ‡ÐµÑÐºÐ°Ñ Ð³ÐµÐ¾Ð³Ñ€Ð°Ñ„Ð¸Ñ Ð—Ð°Ð¿aдного Азербайджана” kitabını yazdı. Mən bu kitabı şəxsi kitabxanamdan  gətirdim.
Mənim sizdən xahişim nədən ibarətdir? Bu kitab 11 il bundan əvvəl Sankt-Peterburqda buraxılıb. Xahiş edirəm, bizim konsulluğumuz, səfirliyimiz bu kitabı təkrar nəşr etsin və Dumanın bütün üzvlərinə, nazirliklərə, səfirliklərə göndərsin. Bilsinlər ki, indiki Ermənistan ərazisi kimindir. Burada heç bir bəlağətli söz yoxdur. Burada yalnız faktlar danışır. Mən hesab edirəm ki, bugünkü tədbir çox əhəmiyyətlidir. Biz 31 mart qırğınlarında ölənlərin ruhları qarşısında baş əyirik. Hesab edirəm ki, bundan sonra da bizim dövlətimiz güclü olmalıdır. Ölkəmiz tərəqqi etmək istəyirsə, millətimiz inkişaf etmək istəyirsə, ölkəmizdə sabitlik olmalıdır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan dövlətinin maraqları üçün sidq ürəklə çalışmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də öz çıxışıma möhtərəm cənab Prezidentə minnətdarlıq sözləri ilə başlamaq istəyirəm. Azərbaycanlıların soyqırımının 100 illiyinin keçirilməsi ilə bağlı cənab Prezident geniş, əhatəli sərəncam verdi və sərəncamın bir bəndində də Milli Məclisə belə bir iclasın keçirilməsini tövsiyə etdi.
Hörmətli cənab Sədr, Siz başda olmaqla Milli Məclisin rəhbərliyinə də mən təşəkkür edirəm ki, belə şərait yaratdınız və bütün əyani vasitələrlə, çap olunmuş kitabların təqdimatı ilə, Tarix İnstitutunun əməkdaşlarını dəvət etməklə səviyyəli bir iclasın keçirilməsini təmin etdiniz. Eyni zamanda, deputat həmkarımız akademik Yaqub Mahmudova, Tarix İnstitutunun burada iştirak edən bütün əməkdaşlarına təşəkkür edirəm ki, tariximizin öyrənilməsində, milli tariximizin qaranlıq səhifələrinin, faciəvi səhifələrinin, o cümlədən qəhrəmanlıq səhifələrinin araşdırılmasında, doğrudan da, o institut böyük işlər görür. Bundan sonra da onlara işlərində uğurlar arzulayıram. Burada  məndən öncəki çıxışlardakı fikirlərin əksəriyyətinə mən də şərikəm. Mən də şərikəm ki, Rusiyanın imperialist siyasəti,  Qafqaza gəlişi Qafqazda  xalqların ənənəvi nisbətini pozdu, Qafqazda erməni amilini yaratdı və 1828-ci ildən sonra Türkiyədən, Suriyadan, İrandan ermənilərin Qafqaza axınını təmin etdi. Rus tədqiqatçısı Şavrovun bir ifadəsi var idi, o, 1911-ci ildə yazmışdı: “Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu yerli deyil, məhz bizim tərəfimizdən bu bölgəyə gətirilənlərdir”. Ermənilərin buraya gəlməsində məqsəd təbii ki, öz dövlətlərini yaratmaq idi və imperialist dövlətlərin də məqsədi burada müsəlman dövlətlərinin arasında xristian baryeri qurmaq idi. Ona görə də 1905, 1918–1920, 1948–1953 və 1988-ci illərdə bizim xalqımıza qarşı qətliamlar, soyqırımları, deportasiya, etnik təmizləmə əməliyyatları keçirildi. Təkcə 1918–1920-ci illərdə 300 mindən çox azərbaycanlı qətlə yetirildi və bunun böyük əksəriyyəti barədə məlumat heç yerdə səslənmir. Cənubi Azərbaycanda da bizim soydaşlarımız ermənilər tərəfindən qətlə yetirilmişdi. Təkcə həmin illərdə indi Ermənistan adlanan Azərbaycan torpaqlarında – İrəvan, Dərələyəz, Göyçə və Zəngəzur mahallarında 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 600 mindən çox azərbaycanlı isə etnik ata-baba yurdlarından deportasiya olunmuşdu. Bütövlükdə isə son 100 ildə Qərbi Azərbaycanda 2 milyondan çox soydaşımız deportasiyaya və etnik təmizlənməyə məruz qalmışdı ki, nəticədə Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı yaşamır.
Təkliflərimi söyləmək istəyirəm. Əlbəttə, cənab Prezidentimiz mübarizəmizin hədəflərini və strateji yol xəritəsini göstərmişdir. Bizim yolumuz İrəvanadır. Yolumuz Zəngəzuradır, yolumuz Göyçəyə qayıtmaqdır. Bundan ötrü güclü dövlətimiz və güclü ordumuz var. Gənc nəsli də bu ruhda tərbiyə etməliyik, bu ruhda böyütməliyik. Digər təklifim ondan ibarətdir ki, cənab Sədr, biz itirilmiş Qərbi Azərbaycan torpaqlarındakı toponimləri yaşatmalıyıq,  o dövrə qədər yaşatmalıyıq ki,  oraya qayıdaq və möhkəmlənək.
Cənab Sədr, Siz İrəvanda yaşamısınız və özünüz hamıdan gözəl bilirsiniz ki, ermənilər oraya vaxtilə köçürüldükləri yerlərin adlarını da gətiriblər, məsələn, Ərəbki, Zeytun, Nok-Maraş, Malatya və sair. Bir də mən düşünürəm ki, Azərbaycanın böyük şəhərlərində, rayonlarında bizim etnik toponimlərimizi, dədə-baba yer adlarımızı yaşatmaqdan ötrü işlər görməliyik, bundan ötrü Milli Məclis yerli icra hakimiyyəti orqanlarına tövsiyə etməlidir. Filmlər çəkilməsi barədə fikirlərlə mən də şərikəm. Hesab edirəm, daha yaxşı olardı ki, biz Ermənistanda qalan bölgələrimizin günlərini keçirək, onların mətbəxlərini, adət-ənənələrini nümayiş etdirək. Gürcüstan və Dağıstan azərbaycanlılarına hər cür maddi-mənəvi, hüquqi dəstək verməliyik ki, oradakı insanlarımızın da taleyi acınacaqlı olmasın. Mən hesab edirəm ki, bugünkü iclasın stenoqramını ingilis, rus  və sair dillərə...
Sədrlik edən. Çox sağ olun. Əsrin əvvəllərində İrəvanda belə bir misal var idi, yağış yağanda küçəyə erməni çıxmazdı. Səbəbi bilirsən nədir? Üstündən üstümə su sıçrayar. Olub, bu, tarixdir. Siyavuş Novruzov. 
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, çox yaxşı bir mövzu ilə, həm kədərli, həm də, ümumiyyətlə, tarixi bir mövzu ilə bağlı müzakirələr gedir. Mən hesab edirəm ki, hörmətli Yaqub müəllimin Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq soyqırımının 100 illiyi ilə əlaqədar məsələlərlə bağlı  həm tarixi köklərə, həm də tarixi faktlara əsaslanmış şəkildə çıxışı oldu. Bizim hər birimiz  hansı cəhətlərdən yanaşsaq da, artıq məruzədə bu cəhətlərin hər biri öz əksini tapıb. Bu baxımdan, Oqtay müəllim, elə düşünürəm ki, burada  oturanların böyük əksəriyyəti bu və ya digər formada bu məsələlərlə, Xocalı soyqırımı, Ermənistanın işğalçı siyasəti ilə bağlı həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı konfranslarda çıxış edib, yarıdan çoxu da bu sahədə kitablar yazıb. Azərbaycanın qədim torpaqları olan İrəvan haqqında, Zəngəzur haqqında kitablar var, dərc olunub. Yaqub müəllim də bu gün Milli Məclisin kitabxanasına kifayət qədər kitab hədiyyə elədi ki, bunlar da burada olacaq, kim ehtiyac duyarsa, götürüb bunlardan istifadə eləyə bilər. Odur ki, mən hesab edirəm, bu çıxışlarımız daxili auditoriyadan daha çox beynəlxalq aləm üçün lazım olan sənədlərdir və bu sənədlərin dostluq qrupları vasitəsilə, həmçinin bizim beynəlxalq təşkilatlarda iştirak edən insanlarımız vasitəsilə tərcümə olunması, göndərilməsi, çatdırılması vacibdir. Biz Ziyafət müəllimlə NATO Parlament Assambleyasında mütəmadi olaraq o sənədləri həm Gürcüstanın arxivindən, həm də başqa yerlərdən çıxarıb çatdırırıq və oxuyub görürlər ki, söhbət nədən gedir. Bu sənədlər də çox uzun-uzadı, qalın səhifəli olmamalıdır. İnsanların oxuya biləcəyi dərəcədə olmalıdır. Həm də bu gün  yeni texnologiyalardan istifadə edib hər bir sənədi internetdə müxtəlif saytlarda müxtəlif dillərdə yerləşdirmək lazımdır ki, hamı oxuya bilsin.
Bütün bunları nəzərə alaraq, Oqtay müəllim, elə ölkəmiz üçün də, beynəlxalq aləm üçün də vacib şərt Milli Məclisin buna münasibətidir. Mən hesab edirəm, çıxışlardansa, daha çox  Milli Məclisin veriləcək bəyanatı səsləndirilsə, yaxşı olar. Bu bəyanat burada oturanların  hamısının iştirakıdır,  sözüdür,  qərarıdır. Həm də təkrarçılığa  yol vermərik. Bu bəyanat oxunsun, müxtəlif dillərə tərcümə olunsun, dünya parlamentlərinə göndərilsin, onun daha çox effekti olar, nəinki fərdi qaydada hər birimizin çıxışının. Fərdi qaydada hər bir insan hansı sahədə, hansı məsələ ilə bağlı istəyirsə, yazılı şəkildə həm internet vasitəsilə, həm də dostluq qrupları vasitəsilə öz fikirlərini, rəylərini həmin təşkilatlara çatdırsın və bununla da Azərbaycanın həqiqətləri, ermənilərin yalanları ortaya çıxsın. Mənim təklifim bundan ibarətdir ki, çıxışları dayandıraq, əgər həmkarlarım etiraz eləmirlərsə, bəyanatımız səslənsin və bəyanata kimin əlavəsi, düzəlişi varsa, yazılı şəkildə təqdim eləsin, onu müxtəlif dillərə tərcümə eləyək, həm parlamentin saytında yerləşdirək, həm də  ayrı-ayrı beynəlxalq təşkilatların saytlarına göndərək. Təşəkkür edirəm. 
Sədrlik edən. Bəyanat gəlsin çıxsın, ona sonra baxarıq. Hələ ki davam edirik. Aydın Mirzəzadə.  
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, hörmətli qonaqlar! Sabah artıq Azərbaycanda 1918-ci il mart soyqırımının 100 ili tamam olur. Hadisədən bir əsr keçsə də, bu hadisənin ağrısı hələ də Azərbaycan cəmiyyətinin ürəyindən çıxmayıb. Çox ağır bir hadisədir və mən deyərdim ki, burada oturanların hər birinin ailəsində vaxtilə həmin hadisədə qurban getmiş insanlar var. Mənim nənəmin babası Məhəmmədəli bəy həmin qurbanlardan biridir. O, 1918-ci ilin martında erməni hərbi dəstələrinin kəndlərə hücumu zamanı kəndin müdafiəsinin təşkil edilməsində yaxından iştirak edib, vuruşub, ermənilər tərəfindən tutulub, başı kəsilib, məxsusi olaraq onun evi tapılıb, yandırılıb. Mən bu  hadisəni yanımda əyləşən Aytən xanım Mustafayevaya danışanda o bildirdi ki, onun babasının da qardaşı vaxtilə Şamaxı soyqırımında öldürülənlərdən biri olub, onun ailə üzvləri o zaman ADR hökumətinin istintaq komissiyasına müvafiq izahat verənlərdən olublar. Bir sözlə, bu, hər bir azərbaycanlının qan yaddaşıdır. Hər birimiz bu hadisənin təəssüratları barədə məlumatlı olmalı və gələcək nəsillərə ötürməliyik.
Belə bir sual doğur, necə oldu ki, bu hadisə baş verdi, nədən erməni millətçiləri daha hazırlıqlı oldular? Nədən bu qırğın böyük miqyasda oldu?  100 il keçib, hələ də bu hadisə yaddaşlardan çıxmayıb. İlk səbəb, əlbəttə, ondan ibarətdir ki, Azərbaycan xalqının özünün müstəqil milli dövləti yox idi. Milli dövləti olsa idi, o vətəndaşlarını qoruyardı, vətəndaşlarının qorunması üçün müvafiq dövrün tələblərinə cavab verən təhlükəsizlik sistemini yaradardı. Ancaq Azərbaycan dövlətinin imperiyalar arasında bölünməsi, Azərbaycan ziyalılarının idarəetməyə buraxılmaması, azərbaycanlıların orduya götürülməməsi, azərbaycanlıların  öz tarixini, mədəniyyətini unutmağa məcbur etdirilməsi buna gətirib çıxartdı. Bizim torpaqlarımıza köçürülən yüz minlərlə erməni idarəetmə orqanlarına işə düzəlirdi, ordu sıralarına cəlb edilirdi, silahlı dəstələr yaradılırdı, onlara maliyyə yardımları edilirdi. Bunun nəticəsi də o oldu ki, 1918-ci ilin martında erməni millətçiləri artıq hazır idilər,  bu hazırlıq da yerli əhalinin qırılmasına, erməni millətçilərinin qaniçənliklərini bariz şəkildə göstərməsinə gətirib çıxartdı.
Azərbaycana ilk dəfə 1915-ci ildə gələn Stepan Şaumyan 1917-ci ilin dekabr ayında səhv etmirəmsə, belə bir fikir söyləmişdi: “Biz heç bir zaman azərbaycanlıların burada milli dövlət yaratmasına imkan verməyəcəyik”. Əlbəttə, bu ideologiyadan irəli gələrək 1918-ci ildə Bakıda,  Şamaxıda, Qubada və digər Azərbaycan torpaqlarında güclü soyqırımları baş verdi. Amma bu soyqırımlarla məsələ bitmədi, bu, sonra mənəvi soyqırımına keçdi, azərbaycanlıların sıxışdırılmasına, Azərbaycan torpaqlarının Ermənistana verilməsinə çevrildi və 1920-ci ilin aprel ayında Azərbaycanın müstəqilliyi əlindən alınandan, o, digər dövlətin tərkibinə birləşdiriləndən sonra  yeni hakimiyyət Azərbaycan Xalq Cümhuriyyətinin istintaq komissiyasının materiallarını bağlamaq qərarına gəldi və səbəb kimi yazıldı ki, millətlər arasında gərginliyin yaranmasına imkan verməmək üçün belə bir qərar qəbul edilsin. Amma millətlər arasında gərginliyin yaradılmaması deyəndə onlar nəzərdə tuturdular ki, Mikoyan Azərbaycana rəhbər gəlməli idi, 1926–1929-cu illərdə Azərbaycanın rəhbəri onun hazırladığı Levon Mirzoyan olmalıydı. 1923-cü ildə Azərbaycanda süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti yaranmalıydı. 1948–1953-ci illərdə azərbaycanlılar Ermənistandan  köçürülməli idilər. Ermənistan azərbaycansızlaşdırılmalı idi və sair.
Şübhəsiz ki, bütün bunlardan nəticə çıxararaq bugünkü müstəqil dövlətimiz bir daha mart qırğınlarının baş verməməsi, xalqımızın hüquqlarının əlindən alınmaması və müstəqilliyimizin möhkəmlənməsi üçün maksimum səy göstərməlidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən gəlişi, indiki Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasi xətt Azərbaycanın milli maraqlarının qorunmasına, azərbaycanlıların və Azərbaycanda yaşayan qeyri-azərbaycanlıların hüquqlarının qorunmasına və bizim ədalətimizin müdafiə edilməsinə yönəlib və Azərbaycanın müstəqilliyinin, Azərbaycanın hüquqlarının tanınmasının əsas şərtidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cavanşir Feyziyev, buyurun.
C.Feyziyev. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım, hörmətli qonaqlar! Milli dövlətçiliyimizin çoxəsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşlara meydan olub. Bu ərazidə regionun və dünyanın böyük ev sahiblər üz-üzə gəliblər. Lakin XX əsrə qədərki dövrdə heç zaman yerli əhalinin, Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət zəminində məhv edilməsi hallarına rast gəlinməmişdi. XIX əsrin birinci yarısında torpaqlarımızda yerləşdirilən ermənilər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdikcə bu ərazinin aborigen əhalisinə qarşı təxribatlar törətməyə və nəhayət, torpaqlarımızı özününküləşdirməyə başladılar. Əsrlər boyu multikultural dəyərlər əsasında yaşamış Cənubi Qafqaz xalqları həmin dövrdən bu günədək zaman-zaman şiddətlənən erməni terrorizmindən əziyyət çəkirlər. Keçən əsrin əvvəllərində minlərlə dinc insanın vəhşicəsinə qətlə yetirilməsi ilə başlanan genişmiqyaslı terror qısa müddətdə daha da təşkilatlanaraq insanlıq əleyhinə cinayətlərə və soyqırımlarına çevrildi. Yüz il əvvəl 1918-ci ilin mart ayında artıq 10 minlərlə azərbaycanlı əvvəlcədən düşünülüb, planlaşdırılmış soyqırımı hadisələrinin qurbanlarına çevrildi. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüf ki, bu planların qarşısını ala bilmədi. Bütün XX əsr boyunca azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması, kütləvi surətdə deportasiyası və qətlə yetirilməsi davam etdi.
Bu gün də torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyona yaxın azərbaycanlı öz evinə dönəcəyi günü böyük ümidlə gözləyir. Xalqımıza qarşı soyqırımı siyasətini dayandırmaq və Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını tam şəkildə, birdəfəlik təmin etmək üçün ilk növbədə baş vermiş hadisələrin dərindən öyrənilməsi, bu bilgilərin hər bir vətəndaşa öyrədilməsi və eyni zamanda, soyqırımı hadisələrinin dünya miqyasında tanıdılması mühüm əhəmiyyət kəsb edir. 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi elan edilməsi bu tədbirlərin həyata keçirilməsi üçün geniş imkanlar açmışdır. Bu istiqamətdə dövlət qurumları,  qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və ziyalılar tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Elmi tədqiqat institutları çoxsaylı araşdırmalar aparır və əsərlər yazılır. Bütün bunlara baxmayaraq, təəssüflə deməliyik ki, dünya miqyasında Azərbaycan tarixinə dair bilgilər olduqca azdır və biz digər ölkələrin siyasətçiləri ilə görüşlərimizdə bir daha bunun şahidi oluruq. Bu vəziyyət düşmənlərimizin uydurduqları dırnaqarası tarixi faktlar əsasında əks-təbliğat aparmaqla real tarixi hadisələrin təhrif olunmasına imkan yaradır. Bu kimi hallar onu göstərir ki, beynəlxalq mediada, elmi-kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması sayəsində hələ çox işlər görülməlidir. Bütün bunları nəzərə alaraq bəzi təkliflərimi səsləndirmək istərdim. İlk növbədə orta məktəb dərsliklərində Azərbaycan tarixinin öyrədilməsi prosesində bu bilgilər daha optimal şəkildə sistemləşdirilərək səmərəli formada təqdim olunmalıdır. Əlbəttə, orta məktəbin ayrı-ayrı siniflərində soyqırımı hadisələrinə dair məlumatlar var və öyrədilir. Lakin bu biliklər fərqli siniflərdə ayrı-ayrı tarixi epizodlar şəklində öyrədildiyindən şagirdlərin təsəvvüründə soyqırımı tarixinin ardıcıl, mükəmməl və tam mənzərəsi yaranmır. Ona görə də ilk növbədə hələ aşağı siniflərdən başlayaraq şagirdlərə Azərbaycan dövlətinin tarixi, tarixi dövlətçilik ənənələrimiz barədə qısa, lakin əhəmiyyətli biliklərin verilməsi çox vacibdir. Daha sonra orta siniflərdə tarixi hadisələrin gedişatı, mahiyyəti və nəticələri haqqında biliklər verilməli, orta məktəbi bitirmək ərəfəsində isə Azərbaycan tarixi üzrə qazanılmış bütün biliklərin qısa xronikasının ümumiləşdirilmiş şəkildə  bir daha tədris edilməsi bu boşluqları aradan qaldıra bilər. Yeri gəlmişkən, Avropa ölkələrinin məktəblərində tarix fənni üzrə tətbiq olunan kurikulum ölkə tarixinin üç mərhələdə öyrədilməsini nəzərdə tutur ki, bizim də bu təcrübədən yararlanmağımız çox faydalı olardı.
Digər vacib məsələ tariximizlə bağlı səsləndirildiyi kimi, qısa və konkret bilgilərin xarici tədqiqatçılara açıq və əlçatan olmasını təmin etməkdən ibarətdir. Xüsusilə soyqırımları ilə bağlı aparılmış araşdırmalar, müxtəlif dövrlərdə qəbul olunmuş rəsmi sənədlər, faktları təsdiqləyən istintaq materialları və sair onlayn resurslarda müxtəlif dillərdə təqdim olunmalıdır. Hazırda bir çox ölkələrdə, o cümlədən İspaniyada, İtaliyada, Fransada bu hadisələri araşdıran tədqiqatçılar var və onlar da onlayn resurslarda soyqırımı hadisələrinə dair faktların, bu faktları təsdiq edən sənədlərin tapılmamasından əziyyət çəkdiklərini bildirirlər. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində qəbul olunmuş rəsmi sənədlərin bir qisminə arxivlərin onlayn versiyalarında rast gəlinmir və xarici tədqiqatçılara ətraflı araşdırma aparıb, ədalətli nəticəyə gəlmələrində çətinlik yaradır. Bu kimi halların müvafiq qurumlar tərəfindən nəzərə alınması və lazımi addımların atılması son 100 ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktlarının dünya ictimaiyyətinə, beynəlxalq elmi-siyasi dairələrə obyektiv şəkildə çatdırılmasına yardım etmiş olardı. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Fəzail müəllim, adınızı saxlamışıq. Fəzail İbrahimli.           
F.İbrahimli. Oqtay müəllim, adımı saxladığınıza görə çox təşəkkür edirəm. Bu gün siyasi, mənəvi və ideoloji tərəfləri özündə birləşdirən bir məsələnin müzakirəsi gedir. Vətən yolunda şəhid olanların ruhu bu gün şaddır. Bu müzakirə onların sanki ruhuna ehtiramdır. Məsələyə müxtəlif müstəvidən yanaşmaq olar. Zamanın verdiyi ixtiyar əsasında mən yalnız siyasi tərəfləri və tarixi kökləri özündə birləşdirən bir neçə məqamı sizinlə bölüşmək istəyirəm, hörmətli həmkarlarım. Əvvəla, təqvimdə 30 mart – 2 aprel tarixi götürülür. Ancaq bu təqvim simvolik bir təqvimdir. 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu Azərbaycana, Bakıya daxil olmasa idi, Azərbaycanda bir “Allahu-əkbər” deyən kişi qalmayacaqdı. Yəni soyqırımı dayanmamışdı, davam edirdi. Hətta cümhuriyyət hakimiyyətə gəldikdən sonra belə bütövlükdə Azərbaycanı əhatə edib bu prosesi dayandırmaq imkanında deyildi. Məhz Naxçıvan özünü müdafiə etmək üçün bu soyqırımından sonra Araz Respublikası yaratdı. Bizim Ermənistan ərazisindəki soydaşlarımız çox didərgin, qaçqın vəziyyətinə düşdülər. Bu, soyqırımı siyasətinin  bilavasitə davamı idi. Ona görə biz bu soyqırımından danışan zaman onun əhatə dairəsini kiçiltməməliyik.
İkincisi, uzun müddət ideoloji təkəbbürlərə məruz qaldığımız üçün bizdə belə bir fikir yaranıb ki, aprel işğalından sonra soyqırımı dayanıb. Əsla belə deyil, əksinə, soyqırımı dalğasının yeni mərhələsi başlamışdı. Mənim fikrimə möhür vuran bir faktı sizinlə bölüşmək istərdim. O vaxt Azərbaycanın ən yüksək postlarında kimlər otururdu? Neft sahəsində Serebrovksi, Kommunist Partiyasında Kamenev, sonra  Kirov, Ali Xalq Təsərrüfatı Şurasının sədri isə Solovyov idi. Çevrilişdən sonra Azərbaycan xalqına tutulan divandan riqqətə gələn və vicdan əzabı çəkən Solovyov Moskvaya müraciət etdi. O nə yazırdı? Burada hər şey aydın görünür. Yazırdı ki, çevrilişə qədər, hətta Azərbaycan ziyalıları içərisində sovet hakimiyyətinə rəğbət göstərənlər var idi. Çevriliş baş verdi, Azərbaycanda azərbaycanlılardan ibarət bir hakimiyyət quruldu. Söhbət Nərimanovun hökumətindən gedir. Ancaq heç kimə sirr deyil ki, bu hökumətin üzərində də bir hakimiyyət var idi. Bu, Azərbaycan Kommunist Partiyası idi. Partiyanın rəhbərliyi erməni və gürcü şovinistlərindən ibarət idi. Bunlar sanki Azərbaycanı başsız qoymaq fikrində idilər. Sağdan sola, soldan sağa azərbaycanlılar güllələnirdilər. Küçələrdən kütləvi surətdə həbs edilib aparılan azərbaycanlılara qarşı küçədə dayanan ermənilərin istehzalı gülüşləri əvvəlcədən söylənilən belə bir fikri təsdiqləyir ki, Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ümummilli fəlakət olmuşdu. Doğrudan da, bu belə idi, mənim həmkarlarım.
1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər 48 min insan güllələndi. Bu, soyqırımı deyildimi? Soyqırımı siyasəti yeridilən zaman ikinc məqam o idi ki, biz ərazi itkisinə  məruz qalmışdıq. Mart soyqırımından sonra İrəvanı, aprel işğalından sonra isə digər torpaqları itirdik. Vaxt imkan vermədiyi üçün mən İrəvanla bağlı bir məqamın üzərində dayanmaq istəyirəm. Bu, yəni Milli Şuranın qərarı  son zamanlar daim  müzakirəyə çevrilir. İrəvanın verilməsinin müasir dillə desək, projesi XVIII əsrin ikinci yarısında cızılmışdı. Valentin Pikul “Favorit” əsərində Qraf Potyomkin ilə Yekaterina arasındakı söhbəti qələmə alır. Qraf Potyomkin deyir: “İşbacaran ermənilər paytaxt gözaltı etmişlər”. Yekaterina təəccüblənir: “Haranı?” Qraf cavab verir: “İrəvan şəhərini”. Yekaterina soruşur: “Ölkə yoxsa, paytaxt nə vaxt, necə ola bilər?” Qraf deyir: “Bu gün yoxdur, sabah olacaq”. O sabah iki əsrdən sonra 1918-ci il may ayının 29-da oldu. Hadisələrə yanaşdıqda zaman kəsiyində baş verən hadisə kimi deyil, 200 ildən artıq Azərbaycana qarşı tuşlanmış bir hadisə fonunda yanaşmalıyıq və o qanlı hadisələri unutmamalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk növbədə mən istəyərdim, çox maraqlı çıxışına  və  bu cür kitabları  parlamentə hədiyyə etdiyinə görə Yaqub müəllimə təşəkkürümü bildirim. Biz imkan daxilində  bu kitablardan istifadə etməliyik. Amma bu bizim üçün, doğrudan da, çox ağrılı bir tarixi hadisədir. 100 il bundan qabaq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilibdir və dünya ictimaiyyəti buna lazımi qiymət vermədiyi üçün  1992-ci ildə  biz yenidən Xocalı soyqırımını yaşamışıq. Düşünürəm ki, biz bu məsələyə daha geniş və  ardıcıllıq baxımından daha intensiv mövqeyimizi bildirməliyik. İnanıram ki, parlament tərəfindən hazırlanmış bəyanat da kifayət qədər təsirl bəyanat olacaq və aidiyyəti qurumlara göndəriləcək.
Azərbaycan televiziyalarında, düzdür, bu məsələyə kifayət qədər yer verilir, amma mənim düşüncəmcə daha uğurlu yanaşma lazımdır və vacibdir. Dünən, məsələn, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bir tarixi konfrans keçirilmişdi və oraya bir çox dövlətlərdən tarixçilər dəvət olunmuşdular. Məsələn, İrlandiyadan, Almaniyadan, Fransadan olan tarixçilər  öz dövlətlərinin arxivlərində bir çox materialların olduğunu səsləndirərək bildirmişdilər ki, ermənilərin azərbaycanlılara qarşı, Azərbaycan türklərinə qarşı apardıqları bu siyasət haqqında həmin arxivlərdə kifayət qədər material bolluğu vardır. Mən çox istərdim ki, bizim tarixçilərimiz, alimlərimiz, bu sahədə çalışan insanlarımız bu mövzuya  daha dərindən fikir versinlər və Azərbaycanda bunu daha geniş kütləyə  çatdırmaq üçün öz bilik və imkanlarından istifadə etsinlər. Bunun da əsas yeri düşünürəm ki, televiziya olmalıdır və Azərbaycan televiziyası daha çox bu məsələyə diqqət yetirməlidir. Bir tərəfdən ermənilər  daim Azərbaycan torpaqlarına yiyələniblər, digər tərəfdən isə bütün dünya ictimaiyyətinə  çatdıra biliblər ki, bu torpaqlar onların əzəli, tarixi torpaqlarıdır. Halbuki bugünkü Ermənistan dövləti Azərbaycanın İrəvan xanlığında yerləşir, amma biz  öz haqq səsimizi kifayət qədər çatdıra bilmirik. Ona görə  bugünkü gün mənim üçün çox vacib bir gündür. Bugünkü gün düşünürəm ki, hər birimiz üçün çox vacibdir, amma bu işi daha geniş və daha intensiv aparmağın tərəfdarıyam. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Əvvəla ona görə ki, bu gün Milli Məclisin rəhbərliyi azərbaycanlıların soyqırımı ilə bağlı belə bir xüsusi iclas çağırıb. Mən inanıram ki, belə məsələlər mütləq şəkildə yüksək tribunada müzakirə olunmalıdır. Biz gənclərə hansı mesajları ötürürük? Burada müxtəlif fikirlər söylənildi. Təbii ki, Azərbaycan dövlətinin ən böyük qazancı onun müstəqilliyidir. Burada bəzi fikirlər səsləndi ki, bolşeviklərin, kommunistlərin bu hadisələrdə əli yoxdur. Amma birmənalı olaraq biz həqiqəti deməliyik ki, azərbaycanlıların başına gələn bu soyqırımları, bu işğallar birbaşa kommunistlər, bolşeviklər və təbii ki, erməni millətçilərinin  əlbirliyi ilə həyata keçirilib.
Sovet İttifaqı dövründə Azərbaycana qarşı olan münasibət hamının yadındadır. Təəssüflər olsun ki, bəzən cəmiyyətdə “o dövrdə belə nailiyyətlər,  uğurlar olub” deyənlər də var. Bizim problemlərimizin 99 faizi məhz kommunistlər, bolşeviklər və onların havadarlıqları altında olan erməni millətçiləri tərəfindən yaradılıb. Ulu öndər Heydər Əliyev demişdi ki, bizim ən böyük uğurumuz bizim müstəqilliyimizdir. Mənə elə gəlir ki, gənc nəslə biz bu mesajı ötürməliyik ki, onlar hər zaman dövlətçiliyi, müstəqilliyi, Azərbaycanın dövlət simvollarına, dövlət atributlarına hörmət qoruyub saxlasınlar. Bu istiqamətdə cənab Prezidentimiz çox uğurlu siyasət həyata keçirir. Eyni zamanda, üslublar da dəyişməlidir.
Təbii ki, bu gün kitabların çapı çox vacibdir. Amma reallıq ondan ibarətdir ki, təkcə Azərbaycanda deyil, bütün dünyada keçirilən rəy sorğuları göstərir ki, insanlar artıq kitabdan uzaq düşüblər. Ona görə də innovativ yanaşmalar tətbiq olunmalıdır. Bu gün bizim Elmlər Akademiyasının bazası imkan verir ki, onlar daha çox innovativ elementləri həyata keçirsinlər. Mən inanıram ki, – bayaq Yaqub müəllim də bunu vurğuladı, – biz bunu  bir çox dillərdə yaysaq, o qədər yaxşı olar. Təbii ki, yerli insanlarımız, cəmiyyətimiz üçün də bu məhsullar çox vacibdir. Amma daha vacibi bunu beynəlxalq təşkilatlara çatdırmaqdır. Biz  başımıza gətirilən soyqırımlarını öyrənməliyik, amma eyni zamanda,  dünya ictimaiyyətinə də müraciət etməliyik. Belə uğurlu kampaniyalar var.
Siz bilirsiniz ki, Heydər Əliyev Fondu tərəfindən və şəxsən Leyla xanım tərəfindən “Xocalıya ədalət” kampaniyası çox uğurla həyata keçirilir. Bu gün dünya belə kampaniyalarla idarə olunur. Yəni bu gün nəyi isə dünyaya çatdırmaq üsulu məhz belədir. Həmişə olduğu kimi, bizim gənclər  bu soyqırımı ərəfəsində də internetdən istifadə edərək siyasətçilərə, beynəlxalq təşkilatlara minlərlə müraciət göndərirlər. Bu təkcə ona görə deyil ki, biz o qanlı səhifələri mütəmadi olaraq gündəmə gətirək, bu, həm də  ona görədir ki, gələcəkdə ermənilərin hiyləsi bununla bitməyəcək. Bu ona görədir ki,  ermənilərin həyata keçirdikləri bu soyqırımları, bu siyasət daim beynəlxalq təşkilatlara çatdırılsın. Böyük dövlətlərin bəziləri təəssüflər olsun ki,  bu günə qədər də ikili standartlar tətbiq edirlər.
Mən inanıram ki, Azərbaycanda həyata keçirilən bu islahatlar, bizim iqtisadi inkişafımız ən yaxşı cavabdır. Çünki bu gün dünya sürətlə dəyişir. Artıq siyasət də başqa məcraya keçib. Bu gün sosial şəbəkələrdə siz bəzən  neqativ hallar da görürsünüz. Yəni Azərbaycan nə qədər güclənirsə, Azərbaycana qarşı təhlükələr o qədər çoxalacaq. Buna da hazır olmağın bircə yolu var. Həm fiziki güclü olmalıyıq, – bu gün idman siyasəti göz qabağındadır, – həm də intellektual güclü olmalıyıq. Bu gün biz təhsilə çox böyük önəm veririk. Eyni zamanda, dostumuzu düşmənimizdən ayırmalıyıq. Biz açıq bildirməliyik ki, bizim hansısa bir ittifaqda olmağımız yalnız o zaman baş verə bilər ki, biz öz ərazi bütövlüyümüzü bərpa edək. Bu gün Ali Baş Komandanın həyata keçirdiyi siyasət bunu bir daha  təsdiq edir. Aprel döyüşlərində bizim gənclərimizin qəhrəmanlığı bir daha təsdiq edir ki, biz cəmiyyət olaraq artıq buna hazırıq, biz müstəqilliyimizi qoruyub saxlayacağıq və dövlətçilik ənənələrimizi mütləq şəkildə inkişaf etdirəcəyik. Mən bir daha o insanların ruhu qarşısında baş əyirəm. Allah onlara rəhmət etsin və biz onların haqlı işini davam etdirəcəyik. Çox sağ olun.
Sədrlik edən. Fuad müəllim, çox sağ ol, yaxşı çıxış etdin.  Amma bəzi şeyləri bir balaca gəncliyə çox bağladın. Gələcəyi yaxşı bilmək üçün, gələcəkdə güclü olmaq üçün, hər şeyi bilmək üçün keçmişimizi yaxşı bilməliyik. Keçmişi də yaxşı bilmək üçün bu kitablar lazımdır, bu alimlər lazımdır, biz bunlarla hazırlaşmalıyıq. O keçmişi, tarixi, bu araşdırmaları internetdə tapa bilməyəcəksən. Buyursun Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar, əvvəla, bu gözəl araşdırmalarına görə, sanballı işlərinə görə Tarix İnstitutuna təşəkkürümü bildirirəm. Bu gün mən tarixi taleyimizdən çox razıyam. Bir zamanlar, mənim gənclik dövrümdə uşaqları “26-lar” bağına aparardılar, Şaumyanın qəbrinin başında pionerə, komsomola keçirərdilər, baş əydirərdilər. Bu gün isə artıq biz dövlət səviyyəsində şaumyanların  xalqımıza qarşı etdikləri cinayətləri qeyd edirik. Bu bizim çox böyük nailiyyətimizdir. Bu, Azərbaycan xalqının geriyədönməz bir prosesi olmalıdır. Çox ciddi bir proses olmalıdır. Mən buna çox sevinirəm.  Mən kitablardan oxumamışam, öz taleyimdən,  valideynlərimin danışıqlarından bilmişəm. Şamaxıda mənim nənəmin dayısı Əliqulunun bütün nəslini qırıblar. Xəbər gəlib, nənəmgil onda Ağsuda olublar. Dağlardan qıra-qıra gəlirlərmiş. İnsanlar baş alıb Göyçay istiqamətinə gediblər.  Nə qədər insan yolda qırılıb, Göyçay məscidində topa tutub qırıblar. Mən bunları  Ağsunun Qaraqoyunlu kəndində gördüm. Ona görə o məsələni qoyanlara təşəkkür edirəm ki, Qafqaz İslam Ordusu, onun nailiyyətləri mütləq qeyd olunmalıdır. Ağsunun Qaraqoyunlu kəndində ştab yaradılmışdı. Mənim babam Məhəmmədin qardaşı Əliqulu Dursunəli oğlu orduya yazıldı və orada şəhid oldu. Bilirsiniz, babam ondan sonra 70 il yaşadı. Heç vaxt danışan adam deyildi. Amma ölənə kimi “qardaş”  deyə-deyə qardaşını axtardı. Yetim qoymuşdular onları. Bizim xalqımızdan   heç nəyi gizlətmək lazım deyil. Biz rus xalqını da sevirik, hamısına məhəbbətimiz var. Amma çoxlu sübutlar var, məhz o vaxt bizim torpaqda malakanlar da çox təəssüf ki, ermənilərə kömək ediblər. Heç bunu da danmayaq. Bu gün zatulinlər elə-belə deyil. Xalqımızın düşmənləri o vaxt da olub, indi də var.
Mən çox  sevinirəm ki, film çəkmək məsələsini qoydular. Milyarder Kirk Kerkoryan  Hollivudda 100 milyon dollara ermənilər üçün “Vəd” filmini çəkdirib. Bizim də milli imkanlarımız, maliyyəmiz  var ki, çox ciddi filmlər çəkək və sözümüzü deyək. Çox sağ olsunlar ki, bu abidə məsələsini qoydular. Çox möhtəşəm bir abidə yaratmaq lazımdır. Təkcə abidə deyil, bütövlükdə kompleks olmalıdır. Mən bir dəfə demişəm, təkrar demək istəmirəm. Onun muzeyi də, abidəsi də, mavzoleyi də, hamısı olmalıdır, amma hədsiz möhtəşəm olmalıdır və Azərbaycan xalqına keçmişini xatırlatmalıdır. Ona görə də mən bu müzakirələrdən çox razıyam, ancaq bir məsələni demək istəyirəm. Mən arzu edirəm ki, bu gün qəbul edəcəyimiz qərar və ya qətnamə layihəsi və yaxud bəyanat, əgər mümkündürsə, hörmətli Sədr, BMT səviyyəsində rəsmi sənəd kimi paylansın. Burada təkliflər oldu ki, digər ölkələrin parlamentlərinə göndərilsin, bu da yaxşıdır. Biz bilməliyik ki, genosid cinayətlərinə baxmayacaqlar. Çünki Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildən əvvəlki işlərə baxmır və BMT-nin Beynəlxalq Məhkəməsi də baxmır, ona görə ki, hər iki dövlətin razılığı lazımdır. Çox çətindir, mən bilirəm. Nyurenberq məhkəməsi, Yuqoslaviya tribunalı və digər beynəlxalq məhkəmələr yaratmaq mümkündürmü? Biz Xocalı ilə, digərləri ilə bağlı  bu istiqamətdə addımlar atmalıyıq. Mən Bahar xanıma və Milli Məclisin müvafiq strukturlarına təşəkkür edirəm ki, hazırda Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında qanun layihəsi hazırlanıb və ekspertizadan keçirilir. Ümumiyyətlə, belə hesab edirəm ki,  bizim qərarımız özündə onu ehtiva etməlidir ki, biz gələcəkdə içimizə girib öz torpağımızda bizi zəlil günə qoyan, zaman-zaman başımıza müsibət gətirən bu seperatçılara, bu düşmənlərə qarşı çox ciddi bir antiterror əməliyyatı keçirməliyik.
Sonda  bunu da demək istəyirəm, burada qeyd olundu, Şamaxıda məsciddə  insanları nə vəhşiliklə öldürüblər. Onların gözləri qabağında həmin məsciddə 80 yaşlı əfəndini gətirib gözlərini çıxarıblar, dərisini soyublar, başına çox müsibət gətiriblər. 10 nəfərə yaxın adam xahiş edib ki, nə zülm edirsinizsə, bizə edin, bizim böyüyümüzə, ağsaqqalımıza etməyin. Yəni bizim  düşmənimiz erməni “türk” deyir, hər yerdə “türkü qırmaq” deyir. Bəs biz niyə birləşmirik? Biz  daha möhkəm birləşməliyik. Çünki İrəvan, Şamaxı, Lənkəran, hər yerdə bizi qırıblar. Biz hər yerdə bir olmalıyıq.
Sədrlik edən. Vaxtilə bizdə yaddaşın “meqabaytı” az olub. İlk növbədə qan yaddaşımızı güclü etməliyik. Mahnımız var idi, “Qardaş olub Hayastan, Azərbaycan”. Həmişə bu mahnı səsləndirilirdi, amma indi artıq müstəqil dövlətik. Onda bizdə müstəqillik yox idi. Bizi haraya istəyirdilərsə, oraya da sürükləyirdilər. Amma müstəqillik dövründə biz, həqiqətən, yaratmalıyıq, biz öz qan yaddaşımızı möhkəm etməliyik. Mən belə fikirləşirəm. İsa Həbibbəyli buyursun.
İ.Həbibbəyli. Hörmətli Sədr, elmi ədəbiyyatdan və bugünkü  çıxışlardan da aydın olduğu kimi, XX əsrin böyük bir dövrü ərzində, xüsusən sovet hakimiyyəti illərində azərbaycanlılara qarşı törədilən soyqırımlarının üstü örtülü saxlanılıb. Bu mövzu Azərbaycan elmi üçün qapalı hesab olunub. “Məxfi” qrifi ilə arxivlərdə qorunub saxlanılıb, gizlədilib. Amma ermənilər üçün açıq olub. Beləliklə, ermənilər  birtərəfli qaydada həm keçmiş SSRİ-də, həm də dünya miqyasında uzun bir dövr ərzində özlərinin soyqırımına məruz qalmalarını süni şəkildə beynəlxalq ictimaiyyətə sırıyıblar. Bizdə isə həmin vaxtlar bir az əvvəl Sizin dediyiniz kimi, “Əzəldən qardaşdır ellərimiz” mahnısı  populyar mahnı kimi ictimaiyyətə təqdim olunurdu. Biz soyqırımı haqqında yalnız atalarımızdan, babalarımızdan bəzi şeylər öyrənə bilirdik. Yaxud da ən yaxşı halda Cəfər Cabbarlının “1905-ci il” əsərindəki bəzi səhnələrdən bu işin ümumi görüntüləri barədə məlumat əldə edə bilirdik. Tarix elmi də o zamankı hakim ideologiyanın təsiri ilə ya susmalı olurdu, ya da ən cəsarətli halda Qafqazda millətlərarası münaqişələrin baş verdiyi barədə ümumiləşmiş sözlər deməklə kifayətlənməli olurdu.
Açıq etiraf etmək lazımdır ki, bu mövzu, bu problem Azərbaycan cəmiyyətinə ulu öndər Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Azərbaycanlıların soyqırımı haqqında” xüsusi qərardan sonra tam məlum oldu. Arxivlər bütün elmi ictimaiyyətin, hətta dünya elmi ictimaiyyətinin üzünə açıldı. Bu istiqamətdə son 20 ildə Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycanın ali məktəblərində, digər qurumlarında genişmiqyaslı tədqiqatlar aparıldı. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun verdiyi hesabat, təqdim etdiyi kitablar  bu işin miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir. Akademiyada “Azərbaycanlılara qarşı soyqırımlarının tədqiqi” adlı xüsusi bir komissiya fəaliyyət göstərir. Hər il böyük beynəlxalq konfrans keçirilir. Bu il də 1 aydan sonra bu konfrans keçiriləcəkdir. Dissertasiyalar, monoqrafiyalar yazılır və bu proses davam etdirilir. Aparılan tədqiqatlardan çıxarılan əsas ümumi nəticə budur. Birinci, tədqiqatlar göstərdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətləri təkcə lokal xarakter daşıyıb, Azərbaycanın ayrı-ayrı yerlərini, coğrafi məkanlarını əhatə etməklə qalmayıb, sisteml   mübarizənin, yürüşün tərkib hissəsi olub, Qafqazda türk-müsəlman əhalisinə qarşı yönəldilmiş  etnik təmizləmə siyasətinin əsasında həyata keçirilib. Məhz   etnik təmizləmə siyasəti əsasında həyata keçirilməsinin bir təzahürü də ondan ibarətdir ki, Qafqazda təkcə müsəlman əhalini qırmaqla kifayətlənməyiblər, məscidlər dağıdılıb, qəbiristanlıqlar məhv edilib.
İkinci, aydın oldu ki, bu işin coğrafi ərazisi genişdir. Bu, Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edib. Azərbaycanlıların yaşadıqları Şərqi Anadolunu, Cənubi Azərbaycanı, Borçalını, Dərbənd əhatə edib.    
Üçüncü, aparılan etnik təmizləmə siyasəti vahid mərkəzdən idarə olunub. Şaumyan və onun başçılıq etdiy komitə  bütün  Qafqazda bunu vahid mərkəzdən idarə edib.
Dördüncü, vahid mərkəzdən idarə olunan bu siyasət bolşevik Rusiyası tərəfindən   tam müdafiə olunub, dəstəklənib. Onlara hər cür yardım, o cümlədən silahlı yardım da göstərilib.
Beşinci, xüsusi qəddarlıq halları müşahidə olunub. Məhz elə buna görə də soyqırımı adlandırmaq tamamilə uyğundur. Burada qocalar da, cavanlar da, günahsız insanlar da güllələnib öldürülüb, eyni zamanda, bu zaman ən qəddar üsullardan da istifadə olunub. Bu gün Qubada,  Azərbaycanın digər yerlərində, Şərqi Anadoluda aşkar olunan toplu məzarlar, kütləvi məzarlıqlar da bunu sübut edir. Bu, bəşəri cinayətdir. Bu, həqiqətən, digər soyqırımlarında təkrar olunmayan, xüsusi qəddarlıqla həyata keçirilən bir soyqırımı aktıdır. Bu, sözün əsl mənasında, ermənilər  və onların havadarları tərəfindən türk-müsəlman əhalisinə qarşı, azərbaycanlılara qarşı törədilən gerçək bir soyqırımıdır. 
O dövrdə müqavimət hərəkatının da mövcud olması və onun geniş yayılması haqqında fikirlər səsləndi. Həqiqətən, Vedibasarda Abbasqulu bəy Şadlinski, Naxçıvanda Kəlbə Muxtar və Behbud ağa Şahtaxtinski, Qarabağda Sultan bəy və sairləri ermənilərə qarşı  xalqın mütəşəkkil mübarizəsini təşkil etmişdilər. Belə adların əbədiləşdirilməsi, onlara  büstlər qoyulması, küçələrə adlarının verilməsi son dərəcə vacibdir. Mən film ideyasını da bəyənirəm və müdafiə edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən söz verdim ki, bəyanat gələndən sonra çıxışları saxlayacağıq. İndi əgər etiraz etmirsinizsə, Bahar xanım bəyanatı oxusun. Bahar xanım, buyurun.
B.Muradova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən hər şeydən əvvəl layihə üzərində işi bizə etibar etdiyiniz üçün redaksiya heyəti adından Sizə təşəkkür edirəm. Məlumat üçün demək istəyirəm ki, biz qısa müddətdə redaksiya heyəti üzvlərinin prinsipial məqamlar hesab etdikləri məqamlara diqqət yetirərək o dəyişiklikləri layihə üzərində etdik. Əlbəttə, çıxışlarda səsləndirilən və burada vaxt məhdudluğuna görə nəzərə alınması  mümkün olmayan məsələlər bəyanat  əsas kimi qəbul edildikdən sonra  üzərində iş gedən zaman diqqətə alınacaq və lazımi ünvanlara məhz yenilənmiş variant göndəriləcək. İndi isə bəyanatı sizin diqqətinizə təqdim edirəm. 

 
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar
AZƏRBAYCAN  RESPUBLİKASI  MİLLİ  MƏCLİSİNİN BƏYANATI

1918-ci ilin mart–aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına  qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı  cinayətlərindən 100 il keçir. O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakinin etnik və dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin və digər ibadət yerlərinin, qəbiristanlıqların yerlə yeksan edilməsi “böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil etmişdir.
Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərcə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart–iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın dağlıq hissəsinin 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 92 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, dinc əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 211 kənd yerlə yeksan edilmiş, 132 min azərbaycanlı məhv edilmişdir.
Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhş-cəsinə qətlə yetirilmişdir.
Məlum olduğu kimi, çar Rusiyasının süqutundan sonra 1918-ci ilin mayında Cənubi Qafqaz ərazisində üç müstəqil dövlətin – Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaradılması elan edilmişdi. Yaradıldığı ilk gündən Ermənistan (Ararat) Respublikası qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürməyə başladı. Ermənistan hökumətinin göstərişi ilə hərəkət edən silahlı quldur dəstələri azərbaycanlıların yaşadıqları ərazilərdə dinc əhaliyə qarşı dəhşətli soyqırımı aktları törədir, yerli əhalini yaşadıqları yerlərdən zorla qovub çıxarırdılar.
Azərbaycan hökuməti Ermənistanın əsassız iddiaları ilə bağlı mübahisəli məsələləri danışıqlar yolu ilə nizama salmağı təklif edirdi. Ermənistan Respublikasının siyasi mərkəzi kimi nəzərdə tutulan Gümrü şəhəri hələ ermənilərin nəzarətindən kənarda olduğuna görə Ermənistan hökuməti İrəvanın paytaxt kimi istifadə edilmək üçün ona verilməsi xahişi ilə Azərbaycan Milli Şurasına müraciət etmişdi. Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixli iclasında İrəvan şəhərinin və onun ətrafındakı ərazilərin Ermənistan Respublikasına verilməsi məsələsinə baxaraq bu barədə qərar qəbul etmişdi.
Həmin qərarı qəbul edərkən Milli Şuranın üzvləri Ermənistan Respublikasının digər Azərbaycan torpaqları barədə iddialardan əl çəkəcəyi, Ermənistan hökumətindən dəstək alan quldur dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlara son qoyulacağı, yerli azərbaycanlı əhalinin təhlükəsizliyinin təmin ediləcəyi və doğma yurd-yuvalarından didərgin salınmış 150 minə yaxın azərbaycanlının əvvəlki yaşayış yerlərinə qayıtmasına şərait yaradılacağı barədə Ermənistan hökumətinin öz üzərinə öhdəlik götürdüyünə əsaslanmışdılar.
Təəssüf ki, Azərbaycan tərəfinin bu xoşməramlı addımı da Ermənistan Respublikasının rəvac verdiyi dövlət terrorizmi və soyqırımı aktlarının qarşısını ala bilmədi. Əzəli Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti erməni əhalinin xeyrinə dəyişdirmək üçün törədilən kütləvi qırğınlar və talanlar daha da genişləndirildi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1918-ci ilin yay və payızında Zəngəzur qəzasında 115 kənd məhv edildi, 10 minə qədər azərbaycanlı öldürüldü, 50 min nəfər yurd-yuvasından didərgin salındı. Məlum faktdır ki, erməni cəza dəstələrinin vəhşilikləri nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin iyul ayında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Sovetlər Birliyinin mövcudluğu dövründə erməni şovinistlərinin Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini ört-basdır etmək və unutdurmaq, tarixi reallıqları saxtalaşdırmaq üçün planlı tədbirlər həyata keçirilmişdir. Yalnız SSRİ-nin dağılmasından və Azərbaycan Respubli-kasının müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərin üzə çıxması üçün əlverişli şərait yaranmışdır.
Bu istiqamətdə ilk qanunvericilik təşəbbüsü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Onun dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tariximizin bu qaranlıq səhifələrinə işıq saçan ilk rəsmi sənəd olmuşdur. Bu mühüm sənəddə Azərbaycanın XIX əsrdə zorakılıqla parçalanmasından sonra azərbaycanlılara qarşı bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların – soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, erməni şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlər tərəfindən Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas və real yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Məlum olduğu kimi, XVIII əsrin əvvəllərinədək Səfəvi dövlətinin mühüm tərkib hissəsi olan Azərbaycan həmin əsrin ortalarından 18 xırda dövlətə – xanlığa parçalanmışdı. Bu xanlıqlar siyasi, iqtisadi və hərbi baxımdan son dərəcə zəif olduqlarına görə Cənubi Qafqazı ilhaq etməyə çalışan çar Rusiyasının öz işğalçılıq siyasətini həyata keçirməsi üçün əlverişli hədəf halına gəlmişdilər.
XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında uzun sürən müharibələr nəticəsində Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqları mərhələ-mərhələ Rusiya imperiyasının tərkibinə qatılmışdır. Rusiya ilə İran arasında 1806–1813-cü illərin müharibəsinə yekun vuran Gülüstan sülh müqaviləsinə əsasən Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və digər ərazilər Rusiyaya ilhaq olunmuşdur.
Həmin müqavilənin şərtlərinə görə çar Rusiyası Azərbaycanda möhkəmlənsə də, regiona tam nəzarət edə bilmirdi. Şimali Azərbaycanın bütünlüklə işğal edilməsi zərurəti İrəvan və Naxçıvan xanlıqlarının da zəbt olunmasını tələb edirdi. 1826–1828-ci illərin Rusiya–İran müharibəsindən sonra bağlanmış Türkmənçay müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları da bütünlüklə Rusiya imperiyasının ərazisinə qatılmışdır.
Təsadüfi deyildir ki, müqavilənin imzalanmasından cəmi bir ay sonra Rusiya çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarının yerində  yeni inzibati ərazi vahidi yaradılması və onun “Erməni vilayəti” adlandırılması haqqında fərman imzalamışdır. Qeyd edilməlidir ki, İrəvan xanlığı Ağrı düzənliyi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi və onun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
1840-cı ildə çar Rusiyasında aparılmış yeni ərazi islahatları nəticəsində “Erməni vilayəti” ləğv edilmiş, onun əvəzinə İrəvan qəzası yaradılmışdı. Doqquz il sonra İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilmiş və bu inzibati ərazi bölgüsü 1917-ci ilə qədər dəyişməz qalmışdı.
Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən birini bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsi təşkil edirdi. İşğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirmək üçün çar Rusiyası İrandan və Osmanlı imperiyasından xristian ermənilərin Cənubi Qafqaza köçürülməsinə dair irimiqyaslı və uzunmüddətli planın həyata keçirilməsinə başlamışdı. Türkmənçay müqaviləsinə İranda yaşayan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi barədə ayrıca bir maddənin daxil edilməsi çar hökumətinin bu məsələyə nə qədər ciddi əhəmiyyət verdiyinə dəlalət edir. Təkcə 1829–1831-ci illərdə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İrandan 40 minə yaxın erməni köçürülmüşdü.
1828–1829-cu illərin Rusiya–Türkiyə müharibəsi nəticəsində imzalanmış Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən 1831-ci ilin aprel ayınadək Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən və Osmanlı imperiyasının digər yaşayış məntəqələrindən 100 minədək erməni gətirilib Azərbaycan torpaqlarında yerləşdirilmişdi.
Ümumən XX əsrin əvvəllərinədək İrandan və Türkiyədən Şimali Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürülmüşdür. Ermənilərin Azərbaycanda məskunlaşdırıldığı yerlərdə erməni kilsələrinin fəaliyyətinə əlverişli şərait yaradılırdı. 1836-cı ildə çar hökuməti Azərbaycanalban kilsəsini, o cümlədən Qarabağdakı alban xristian kilsəsini erməni qriqorian kilsəsinə tabe etdi. Bundan sonra Eçmiədzin erməni kilsəsi albanların etnik-mədəni irsini, alban ədəbiyyatını və tarixini öz adına çıxaraq mənimsədi. Belə ki, alban ədəbiyyatına və tarixinə aid əsərlər köklü dəyişikliklər edilməklə erməni dilinə tərcümə olundu, onların alban dilində yazılmış əsl nüsxələri məhv edildi. Həmin əsərlər arasında Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edən “Albanların tarixi” əsəri də vardı.
Ermənilərin kütləvi surətdə köçürülməsi, yerli sakinlərlə müqayisədə onlara xüsusi hüquq və imtiyazların verilməsi azərbaycanlıların hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdı. “Daşnaksütyun” və “Hnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətlənmişdi.
XIX əsrin sonlarından çar Rusiyasının himayəsindən istifadə edən davakar erməni millətçiləri ermənilərin məskunlaşdıqları ərazilərdə “böyük Ermənistan” yaratmaq xülyasına düşdülər. Şərqi Anadoluda və Azərbaycanda ələ keçirmək istədikləri ərazilərdən yerli sakinləri sıxışdırıb çıxarmaq üçün erməni millətçiləri etnik təmizləməni bir vasitə olaraq seçmişdilər.
Birinci rus inqilabının başlandığı 1905-ci ildə mütəşəkkil erməni silahlı dəstələri Cənubi Qafqazda ilk dəfə olaraq etnik və dini zəmində kütləvi qırğınlar törətmişlər. 1905–1906-cı illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlılara kütləvi divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərcə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş, bununla da Azərbaycanda tarixi artıq bir əsri ötmüş həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.
Erməni şovinistlərinin Azərbaycan xalqına qarşı düşmənçilik hərəkətləri çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdı. Bu dəfə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıq və amansızlıqla həyata keçirilmişdi. Həmin dövrdə azərbaycanlılardan təmizlənən ərazilər Ermənistan Respublikasına qatılmışdı.
Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur mahalı, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş, nəticədə onun ərazisi 9 min kvadratkilometrdən 29,8 min kvadratkilometrə çatdırılmışdı.
Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərcə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdi. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün yeni meydan yaradılmış, Cənubi Qafqazda baş verəcək və indiyədək davam edən yeni faciələrin əsası qoyulmuşdu.
Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, türk və Azərbaycan xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmiş, erməni “alimlərinin” səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır.
Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi əməllərini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə Osmanlı dövləti ərazisində soyqırımına məruz qaldıqları, “incidilmiş, məzlum və cəfakeş xalq” olduqları barədə uydurmaların beynəlxalq miqyasda qəbul olunmasına cəhd göstərirlər. Təəssüf ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş real soyqırımı faktlarına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri və hökumətləri, bəzən də beynəlxalq təşkilatlar bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar da qəbul etmişlər. 
Tarixdə heç bir “erməni soyqırımı”nın baş vermədiyin elmi həqiqətə sadiq qalan tədqiqatçılar, o cümlədən Qərb alimləri çoxdan sübuta yetirmişlər. “Erməni soyqırımı” haqqında uydurmalar xəstə təxəyyülün məhsulu olub real tarixi faktlara əsaslanmır. Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, tədqiqatçıların, o cümlədən erməni alimlərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni alimlərinin sağlam elmi polemikadan imtina etməsi də “erməni soyqırımı” əfsanəsini dünyaya yayanların iç üzünü açıb göstərir.
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş məkrl siyasətin əyani təzahürüdür. 1948–1953-cü illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 20 minə qədər azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.
İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törətmişlər. Əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı zamanı bütöv bir iri yaşayış məntəqəsi tamamilə yox edilmiş, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətə məruz qalmışlar. Bir çox ailələr bütünlüklə məhv edilmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Ümumən XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçiliyinin zülmündən bu və ya digər şəkildə zərər çəkməyən ailə yoxdur.
Azərbaycan dövləti son iki yüz ildə Azərbaycan xalqına qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmişdir. Dövlət başçısının sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində tədbirlər həyata keçirilir. 
Azərbaycan Respublikasının Milli Məclisi azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qaldığını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın az olduğunu nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatına, Parlamentlərarası İttifaqa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər Birliyinə, başqa beynəlxalq təşkilatlara və dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki:
1. Erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanısınlar.
2. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmləri yaradılması işini tezliklə başa çatdırsınlar.
3. Azərbaycan xalqına qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.

Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Bahar xanım hələ bəyanatı oxumamışdan öncə dedi ki, biz bunu əsas kim təsdiq edirik. Əlavələr varsa, verilsin, qəbul olunacaq. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklifi gərək burada deyəsən? De. Siyavuş Novruzov.
S.Novruzov. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Bahar xanım çox ətraflı şəkildə bəyanatı parlament üzvlərinin diqqətinə çatdırdı. Hesab edirəm, çox yaxşı hazırlanmış bir bəyanatdır. Amma buradakı həmkarlarımın da, yəqin, fikri belə olardı ki, komissiyadan xahiş edək, o bəyanatın içərisindən əsas hissəni çıxarıb beynəlxalq təşkilatlara  göndərsin. Çünki 20 səhifədən ibarət olan bəyanatı xaricdə heç kəs oxumayacaq.  Bu dəqiqdir.
Daxili auditoriya üçün isə kifayət qədər ətraflı şəkildə məlumat verən və bütün o hadisələri özündə ehtiva edən çox düzgün bir bəyanatdır. Amma onun içərisindən 1–2 səhifəlik materialı çıxarıb, tərcümə edib beynəlxalq təşkilatlara  göndərə bilərik. Bütövlükdə özünü də göndərə bilərik,  amma hamımıza bəllidir ki, bizim hər birimizə də 20 səhifəlik material versələr, onun yarısını belə heç kəs oxumayacaq. O baxımdan məsələnin məğzini çatdırmaq istəyiriksə, onun içərisindən müəyyən hissəni çıxarıb göndərməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, bu, 100 ildə bir dəfə qəbul olunan bəyanatdır. Bu şəkildə təsdiq edilərək qəbul olunmalıdır. Biz bunu istənilən ünvanlara göndərəcəyik. Göndərilən ünvanların əksəriyyətində də bizim təmsilçilərimiz var, Birləşmiş Millətlər Təşkilatında nümayəndəmiz var. Lazım olsa, onlar yığcam şəklə sala bilərlər. Ancaq bəyanat bu şəkildə təsdiq olunub, bu şəkildə göndərilməlidir. Yığcam  məsələsi sonranın işidir. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, bəyanatın təsdiq olunmasına münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 15.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Sağ olun.


 
 
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

30 mart 2018-ci il
________________________

Əli Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan xalqının başına gətirilən çoxsaylı dəhşətli faciələr içərisində 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin bolşevik və erməni daşnak silahlı dəstələri tərəfindən xüsusi törədilmiş kütləvi qırğınlar öz miqyasına və xüsusi qəddarlığına görə  seçilən etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir. Təkcə azərbaycanlılara qarşı deyil, insanlıq əleyhinə yönəlmiş bu qəddar cinayət 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsi, Qafqazda ermənilərin sayının süni surətdə artırılması, regionun etnik mənzərəsinin dəyişdirilməsi, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından sıxışdırılıb çıxarılması, ermənilərin ərazi iddialarının mərhələ-mərhələ reallaşdırılması, Azərbaycanın müstəqil dövlət qurmasına imkan verilməməsi və Rusiyanın  ermənilərin ərazi iddialarının reallaşdırılmasına və  bu regiona təsir gücünün artırılmasına yönəlmiş  Qafqaz siyasətinin tərkib hissəsidir. İki yüz ilə yaxın bir müddətdə bir mərkəzdən sistemli şəkildə  idarə olunan erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasətində milyonlarla soydaşımız amansızlıqla qətlə yetirilmiş, etnik təmizləməyə məruz qalmış, şəhər və kəndlərimiz dağıdılmış, yandırılmış, azərbaycanlıların mal-mülkləri, sərvətləri talan edilmişdir. Nəticədə əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən ərazisi cəmi 9,8 min kvadratkilometr təşkil edirdisə, sonradan müxtəlif bəhanə və vasitələrlə Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına onun ərazisi üç dəfə artırılaraq 30 min kvadratkilometrə çatdırılmışdı.
Prezidentin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 2018-ci il 18 yanvar tarixli xüsus sərəncamı əsasında  erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə  tədbirlər planı hazırlanıb həyata keçirilir. Həmin tədbirlər içərisində  bu gün Milli Məclisdə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi mühüm yer tutur. Belə məruzə və müzakirələr konkret tarixi faktlar əsasında Azərbaycana qarşı yürüdülən məkrli siyasətin və 1918-ci ildə Bakı Sovetinin bolşevik və erməni daşnak silahlı dəstələri və onların havadarları tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər və soyqırımı cinayətlərinin cəzasız qalmaması üçün işlək beynəlxalq hüquq mexanizmlərinin yaradılmasından ötrü lazım olan tədbirlərin görülməsi zərurətini ortaya qoyur. Bu müzakirələr həm də qan yaddaşımızı möhkəmləndirmək və millətimizin başına gətirilən müsibətlər ətrafında daha rasional düşünüb, real nəticələri olan məqsədyönlü fəaliyyət və hərəkət üçün zəngin material verir.
Digər etnik və dini qrupların nümayəndələrinə qarşı yaxşı münasibət və hörmətin olduğu bir ölkə kimi,  müasir dünyamızda çox böyük əhəmiyyət kəsb edən Azərbaycana qarşı bu cür ədalətsizliklərin baş verməsi və  indi də davam etməsi təəssüf doğurur. Ona görə də  bu istiqamətdə indiyədək görülmüş işlərin daha da genişləndirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi ağır yolun daha dərindən araşdırılmasına, eləcə də xalqımıza qarşı törədilən soyqırımlarına dair təhqiqatların dərinləşdirilməsinə, beynəlxalq aləmin bu sahədə bilgilərinin artırılması və haqqımızın beynəlxalq səviyyədə daha dolğun şəkildə tanıdılması üçün əlavə tədbirlərin görülməsinə böyük ehtiyac var. Bundan ötrü indiyədək görülən işlərin konkret hədəflərinə doğru fəaliyyətin daha əhatəli və sistemli şəkildə  qurulmasını zəruri hesab edirik:  
1. 31 mart və digər bu kim qətliamların Azərbaycanda və onun hüdudlarından kənarda geniş coğrafiyasına baxanda aydın görünür ki, bu, XIX əsrin sonları XX əsrin əvvəllərində dünya gücləri tərəfindən siyasi, ideoloji və hərbi cəhətdən planlaşdırılmış və ermənilərin də  vasitəçiliyi ilə həyata keçirilməsinə  başlanılan türk soyqırımları və həm də azərbaycanlıların Qafqazdan silinməs siyasətinin tərkib hissəsi idi. Azərbaycan uğrunda ölüm-dirim davasının başlanması, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsi böyük itkilər bahasına olsa da, bu qəbildən olan bütün mənfur planları pozdu. Tariximizin həmin səhifələrini geniş planda ictimailəşdirmək və beynəlxalq səviyyəyə qaldırmaqdan ötrü bu yöndə  görülməsi zəruri olan  tədbirlər arasında Bakıda ya keçmiş 26-lar, indiki Sahil bağında, ya Dağüstü parkda, ya Xocalı soyqırımı abidəsinin yerləşdiyi yerdə, ya da  digər münasib bir məkanda  cümhuriyyət parkının yaradılması yerinə düşərdi. Həmin parkda cümhuriyyət qurucularının  xatirələrinin əbədiləşdirilməsi üçün lazımi tədbirlərin görülməsi, cümhuriyyət qurucularının xarici ölkələrdə dəfn edilmiş nəşlərinin gətirilərək bu parkda dəfn edilməsi, mavzoleylərinin yaradılması yaxşı olardı.
Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan, müsəlman aləmində  ilk demokratik respublika qurucularının  nəşləri gec-tez Azərbaycana gətiriləcək, çünk bu, bizim onların vətənə üzağardan, şərəf gətirən xidmətləri qarşısında  borcumuzdur. Ona görə də bu proses  nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Həmin Cümhuriyyət parkında 1918-ci ildə bolşevik, erməni daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə soyqırımı memorial kompleksinin yaradılmasını, böyük soyqırımı abidəsinin ucaldılmasını və soyqırımı muzeyinin yaradılmasını zəruri hesab edirik. XX əsrdə  Azərbaycan tarixinə ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik, erməni daşnak silahlı dəstələrinin Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə törətdikləri kütləvi qətliamları, yandırılan və dağıdılan kəndləri və digər vəhşilikləri əks etdirən zəngin faktların və  sənədlərin, eləcə də cümhuriyyət dövrünün Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin, Milli Elmlər Akademiyası Tarix İnstitutunun hazırladığı kitabların, topladığı tarix faktların, başqa arxiv sənədlərinin, statistik məlumatların, sənədli filmlərin və elektron məlumat bazasında öz əksini tapan digər fundamental sənədlərin azərbaycan, ingilis, rus və digər dillərdə yayılması, təsirli tablo, fotosənədlər və sairin nümayiş etdirilməsi zəruridir.
Həmin parkda erməni daşnaklarının və onların  hava-darlarının antiazərbaycan siyasətinə boyun əyməyən, Azərbaycan uğrunda ölüm-dirim mübarizəsinə qalxan, bolşevik, erməni daşnak silahlı dəstələrinin törətdikləri soyqırımına qarşı müdafiə döyüşləri təşkilatçılarının, soyqırımının miqyaslarının daha da artmasına imkan verməyən və xalqımıza qarşı o vaxtkı məkrli planları pozan  milli qüvvələrin, xalq müqavimət hərəkatında böyük xidmətləri olanların mübarizə tariximizdəki layiqli yerinin təsdiq edilməsi, böyük şücaətlər göstərənlərin xatirələrinin əbədiləşdirilməsi, eləcə də bu mübarizədə Azərbaycanla  Türkiyənin qardaşlıq birliyini əks etdirən xatirə abidələrinin yaradılması, Qafqaz İslam Ordusuna abidə qoyulması və təbii ki, Nuru Paşanın heykəlini ucaltmaqla onun əziz  xatirəsinə xüsusi yer verilməsi məntiqli olardı.
2. 2018-ci ilin mart-aprel olayları Azərbaycan xalqına qarşı ondan əvvəlki cinayət siyasətinin davamı və Xocalı soyqırımı kimi gələcək cinayət siyasətinin başlanğıcıdır. Ona görə 31 mart soyqırımı da daxil olmaqla azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün bu hadisələri beynəlxalq aləmə  daha geniş siyasi kontekstdə, kompleks və tarixi perspektivi olan şəkildə təqdim etmək lazımdır. Bu zaman həm ənənəvi, həm də müasir innovativ vasitələrdən, virtual məkanın – internetin imkanlarından geniş və səmərəli istifadə olunmalıdır. Soyqırımı və erməni işğalı ilə bağlı, ümumiyyətlə, tarixi janrda sənədli, eləcə də bədii televiziya filmlərinin sayını artırmaq, bu sahəyə dövlət dəstəyini daha da səmərəli təşkil etmək, həm xalqımızı, həm də beynəlxalq ictimaiyyəti tarixi faktlarla bilgiləndirmək lazımdır. 31 mart  və Xocalı soyqırımını dünyaya daha əyani və təsirli şəkildə tanıtmaq məqsədi ilə Milli Məclisin hələ 2012-ci ildə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş    iclasdakı  çıxışımızda xüsusi qeyd etdiyimiz kimi, dünyanın məşhur rejissorları, aktyorları və prodüserlərinin iştirakı ilə, sözün həqiqi mənasında, dünyada əks-səda yaradacaq bir filmin çəkilişinə və beynəlxalq aləmə təqdim edilməsinə, eləcə də bu istiqamətdə sənədli və publisistik filmlərin yaradılmasına  ciddi ehtiyac var.
3. XX əsrdə həyata keçirilmiş türk soyqırımlarının coğrafiyası təkcə Anadolu və Azərbaycan əraziləri ilə məhdudlaşmır. Türklərin yaşadığı bütün ərazilərdə – Gürcüstan ərazisində Mesheti (Çıldır) türklərinə, Krım tatarlarına, Şimali Qafqazın türk xalqlarına, Orta Asiya  və Sibir türklərinə qarşı həyata keçirilmiş deportasiya və soyqırımı əməllərinin obyektiv araşdırılmasını təşkil etmək məqsədi ilə türk dövlətləri və muxtar qurumlarının alimlərinin səylərini birləşdirmək və onların koordinə edilmiş fəaliyyətini qurmaqdan ötrü Müştərək Türk Xalqlarının Tarixinin Tədqiqi İnstitutunun təsis edilməsi və həmin institutun struktur bölmələrindən biri kimi Deportasiya və soyqırımı şöbəsinin yaradılmasını təklif edirik.
Fəaliyyətin  belə sistemli qurulması bir tərəfdən 31 mart soyqırımının və müasir dünyanın gözü qarşısında baş vermiş Qarabağ faciələrinin, Xocalı soyqırımının timsalında əsl soyqırımının mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması coğrafiyasının genişləndirilməsində, digər tərəfdən isə qondarma erməni soyqırımının iç üzünün açılmasında, cəfəngiyat olduğunun isbatlanmasında mühüm rol oynaya bilər. 31 mart və Xocalı soyqırımını beynəlxalq aləmə bu şəkildə çatdırmaq, insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq miqyasda genosid aktı kimi hüquqi-siyasi qiymət verilməsinə nail olmaq lazımdır. Bu gediş  həm də belə bir reallığı tələbata çevirəcək ki, Azərbaycana dünya birliyinin arxasında real işin olmadığı  formal bəyanatları deyil, beynəlxalq sənədlərin tələblərinə riayət edilməklə soyqırımlarını törətmiş Ermənistana qarşı konkret sanksiyalar, beynəlxalq normalarla müəyyənləşdirilmiş konkret cəza tədbirləri lazımdır. Onda dünya güclərinin və bəzi qurumların Qarabağ ətrafındakı oyunlarının əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə daha təsirli vasitələrlə çatdırılmasına nail ola biləcəyik. 
 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU