03.04.2018 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ
PROTOKOLU № 62
Milli Məclisin iclas salonu.
3 aprel 2018-ci il
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 91
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Gündüz Sadıxov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi.
Elnur Nəsibov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin DNT tədqiqatı qrupunun rəhbəri.
Yaşar Əkbərov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin şöbə rəisi.
* * *
Famil Mustafayev, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Siyavuş Novruzov, Fazil Mustafa, Eldar İbrahimov, Ağacan Abıyev, Novruzəli Aslanov, Elmira Axundova, Hikmət Məmmədov, Əli Hüseynli
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
1. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
4. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Siyavuş Novruzov, Cavid Qurbanov, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
6. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Siyavuş Novruzov, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
7. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
9. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Tahir Kərimli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
11. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
12. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
14. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov,Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 83
Nəticə: Qəbul edildi
15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
19. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
20. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov, Fazil Mustafa
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
22. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
24. Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə, Sahib Alıyev, Fuad Muradov, Rövşən Rzayev, Aytən Mustafazadə, Elmira Axundova
Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
25. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, İsa Həbibbəyli, Tahir Kərimli, Tahir Rzayev, Fuad Muradov, Rəşad Mahmudov, Elşad Həsənov, Ziyafət Əsgərov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Fazil Mustafa, Rauf Əliyev, Valeh Ələsgərov
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 74
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 74
Nəticə: Yetərsay yoxdur
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 91
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, 1–15-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Təklif: 16–26-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
3 aprel 2018-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 91
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi. Xahiş edirəm, səsvermədə diqqətli olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, yazılın. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra iqtisadi, ictimai, siyasi və sosial həyatın bütün sahələrində çox böyük uğurlar qazanmışdır. Cəmi 25 il ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan dünyada sözü və gücü olan dövlət kimi tanınır. Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadi və siyasi əlaqələri genişlənir. Dünyanın ən aparıcı ölkələrinin siyasi liderləri Azərbaycan dövlətinin apardığı siyasətə çox müsbət münasibət bəsləyirlər. Həmin siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan qlobal risklərə baxmayaraq, dünya ölkələri içərisində özünün inkişaf sürətinə və apardığı iqtisadi islahatların sosial-mənəvi nəticələrinə görə öndə gedən dövlətlərdən biridir. Rəqəmləri deməyə ehtiyac yoxdur. Bu gün Azərbaycan dünyamiqyaslı transmilli layihələri həyata keçirir. Azərbaycan irimiqyaslı layihələri ilə 2 qitəni birləşdirir.
Bütövlükdə Azərbaycanda aparılan bu dinamik inkişaf, uğurlu iqtisadi siyasət, investisiya siyasəti dünyanın əksər ölkələri tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyildir ki, Bakıda son illərdə keçirilən ən mötəbər görüşlərə dünyanın aparıcı liderləri, siyasi xadimləri, böyük insanları gəlirlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin apardığı siyasət bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də onlar ən çətin anlarda, tarixin ən məsul dövrlərində Azərbaycan xalqına qarşı, Azərbaycanın apardığı siyasətə qarşı iyrənc üsullara əl atırlar. Son vaxtlar bəzi şəbəkələrdə əxlaqi və mənəvi dəyərlərin nə olduğunu dərk etməyən insanlar Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinin apardığı siyasətə qarşı əsassız fikirlər söyləyirlər.
Azərbaycan xalqı müdrik xalqdır. Əsrlər boyu xalqımız böyük mənəvi dəyərlər, iqtisadi, siyasi və mənəvi güc potensialı yaratmışdır. Ona görə də bu kimi əxlaqi və mənəvi dəyərlərin nə olduğunu dərk etməyən insanların xalqımıza, dövlətimizə və onun apardığı siyasətə qarşı siyasətini hamı pisləyir. Biz əminik ki, bunların hamısı keçəcəkdir. Çünki Azərbaycan dövlətinin apardığı siyasətdə ən böyük nailiyyət ondan ibarətdir ki, xalq-dövlət birliyi təmin edilmişdir. Xalqımızla dövlət arasında, müxtəlif strukturlar arasında çox böyük birlik, həmrəylik yaranmışdır. Mən belə hesab edirəm...
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Sədr, mən də gündəliyə səs vermişəm və gündəliyin tərəfdarıyam. Lakin bir neçə məsələni burada oturan həmkarlarımın və ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm.
Birinci növbədə Azərbaycanda fəal siyasi proseslərin getdiyi bir dövrdə erməni lobbisi tərəfindən, daxildən və xaricdən ayrı-ayrı insanlar tərəfindən maliyyələşdirilən bir qrup öyrədilmiş şəxs bu gün Azərbaycan dövlətinin əleyhinə, Azərbaycan Prezidentinin əleyhinə, o cümlədən digər insanların əleyhinə qarayaxma kampaniyası ilə məşğuldur. Heç kəsin məlumatı yoxdur ki, xaricdə bu və ya digər şəkildə mühacir adı altında yaşayan bu insanlar kimlərdir? Necə olub ki, mühacir olublar, mühacir həyatı yaşayıblar, hansı siyasi partiyada fəaliyyət göstəriblər, hansı kütləvi informasiya vasitələrinin aparıcı və yaxud mühüm adamlarından biri olublar. Ancaq bu gün erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı ciddi şəkildə işlər aparmaqla, qarayaxma ilə məşğuldurlar. Təsəvvür edin, bu günə qədər bir dəfə də olsun Ermənistan səfirliyi qarşısında tədbir keçirməyən adamlar Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirdilər, adlarını da azərbaycanlı qoyublar. Yaxud da Kölndə 31 mart soyqırımı ilə əlaqədar azərbaycanlılar tədbir keçirərək dünya ictimaiyyətinə erməni vandalizmini sübut etmək üçün faktlarla məsələ qaldırıblar, bunlar isə həmin tədbirə etiraz ediblər.
Ermənilər artıq istirahət edə bilərlər. Ermənilərin funksiyasını yerinə yetirən adamlar var. Təəssüflər olsun ki, onlar azərbaycanlıdırlar. Bunların əməli, fəaliyyəti, gördükləri işlərin istiqaməti ermənilərin gördükləri işlərdən qat-qat pis bir vəziyyətdədir. Bu gün onların Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı tutduqları mövqe daha pis bir mövqedir. Bax bunlara “sapı özümüzdən olan baltalar” deyirlər. Bu cür insanlara deyirlər. Ola bilər ki, nəyisə qəbul etmirsən, özün bilərsən. Siyasi mübarizə aparmaq istəyirsən, buyur, ədalətli siyasi mübarizə apar. Amma düşmənin dəyirmanına su tökməklə bu cür addımlar atmaq və erməni qəzetlərində, saytlarında məşhurlaşmaq üçün ön səhifələrdə şəkillərini vurdurmaq ancaq bu cür insanlara yaraşır. Vətənə, xalqa, dövlətə, millətə müxalif olmaq olmaz. Fərdə qarşı müxalif olmaq olar. Müəyyən insanlara qarşı müxalif olmaq olar. Amma vətənə qarşı, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Azərbaycanı soyqırımına məruz qoymuş ermənilərlə əlbir olmaq olmaz. Bunlar qulaqlarını açıb eşitsinlər. Azərbaycan xalqı çox müdrik xalqdır və bu məsələləri yaxşı bilir.
Mənim bir xahişim də var. Burada cəmiyyətimizin mövqeyi yekdil olmalıdır. Heç kim düşünməməlidir ki, bu mənim haqqımda danışmayıb, mənə nə düşür ki, buna cavab verim. Bunlar xalqın adından danışırlar və siz də xalqın nümayəndəsisiniz, xalqın seçdiyi insanlarsınız. Mövqeyinizi bildirin. Əgər bu gün bu cür insanlara, ünsürlərə imkan yaradacağıqsa, sabah ermənilərlə siyasi mübarizədə, beynəlxalq mübarizədə, ictimai mübarizədə hansı işləri görəcəyik? Hamımız qaçaq, çəkilək bir tərəfə. Bunun nəticəsi nə olacaq? Hər bir deputat burada öz seçicisini təmsil edir. Orada isə seçicini, xalqı, milləti təhqir edirlər. Azərbaycan səfirliyi Azərbaycan torpağının bir hissəsidir, Azərbaycanın bir parçasıdır, onu orada təhqir edirlər. Biz bu məsələyə niyə göz yumuruq, niyə münasibətimizi bildirmirik? Mən xahiş edirəm ki, hər kəs bütün qanunların müzakirəsindən başqa bu məsələyə də öz münasibətini bildirsin, öz fikrini söyləsin. Mən bayaq baxıram, əgər tərif məclisi yazılsaydı, burada mənə növbə çatmayacaqdı. Amma bu gün vətənin, dövlətin müdafiəsi ortaya çıxanda hərə bir tərəfə çəkilir. Söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir. Ona görə xahiş edirəm, hər kəs öz mövqeyini ortaya qoysun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu məsələ ilə bağlı hörmətli Siyavuş Novruzovun mətbuatda müraciəti olmuşdu. Biz də həm mətbuatda, həm də sosial şəbəkədə həmin məsələ ilə bağlı münasibətimizi bildirdik və təhqirin hər hansı bir formasını qəbul etmədiyimizi, bunun yanlış bir müxalifətçilik adı ilə təqdim olunmasının da doğru olmadığını söylədik. Çünki hər bir müxalifətçiliyin də, iqtidarçılığın da arxasında mütləq ədəb və tərbiyə motivi unudulmamalıdır. Yəni hər kəs Azərbaycan vətəndaşıdır, ona görə kimsə çıxıb sosial şəbəkələrdən bu cür istifadə edirsə, bunun adı tərbiyəsizlikdir və buna heç bir halda yol vermək olmaz. Nöqsanlar var, narazılıq var. Amma insanlar ona görə ədəbiyyat oxuyurlar ki, normal, mədəni və sivil tənqid etmək qabiliyyəti əldə eləsinlər. Bu qabiliyyəti əldə etməyən insanlara qarşı da cəmiyyətin reaksiyası, məncə, həqiqətən də kəskin olmalıdır.
Vacib məsələlərdən birinə toxunmaq istəyirəm. Mənə tez-tez ixtiraçılar müraciət edirlər ki, biz müxtəlif məsələlərlə bağlı bərpa olunan enerji, alternativ enerji vasitələri ilə elektromobil hazırlamışıq. Bunun şəhadətnaməsini də almışıq, sınaqdan da keçirilibdir. Amma Azərbaycanda bunun istehsalı üçün hər hansı bir şərait yaradılmır. Mən niyə bu məsələyə diqqət çəkmək istədim? Rəhman Hacıyev adında bir ixtiraçı 3 ildir müraciət edir, müxtəlif instansiyalara məktub yazır. Biz müharibə aparan dövlətik. ABŞ-ın tarixinə baxın, Avropanın tarixinə baxın. Ona görə onlar bu gün inkişaf etmiş ölkələrdir ki, təşəbbüskarlığa və ixtiraçılığa tam şərait yaradıblar. Bu gün Azərbaycanda kifayət qədər istedadlı, zəkalı insanlar var. Əgər bunların ixtirası qəbul olunursa, müvafiq məmurlar niyə buna əngəl olurlar, niyə mane olurlar? Özümüz də nələrisə kəşf etməliyik, hər şeyi kənardan götürməyəcəyik ki. Bunu stimullaşdırmaq lazımdır. Ona görə də, məncə, bu məsələlərə dövlət qurumları ciddi reaksiya verməlidirlər.
Digər bir məsələ. Oqtay müəllim, etik davranış qaydaları ilə bağlı biz deputatlar qanun qəbul etdik. Sosial şəbəkələrdə, mətbuatda oxuyuruq ki, bölgələrdəki icra başçıları, məmurlar kim kimdən bir pillə üstündürsə, bir-birinin ailəsini, özünü, şəxsiyyətini elə şəkildə təhqir edir ki, bunu heç bir kitaba yazmaq olmaz. Yəni heç olmasa, gələcəkdə Milli Məclisin ixtisaslaşmış intizam komissiyası yaradılanda bu səlahiyyətləri düşünmək olar ki, təkcə deputatlara aid olmasın. Bölgələrdəki, başqa yerlərdəki vətəndaşların, məmurların hamısı Azərbaycanın övladlarıdır. Kimin səlahiyyəti varsa, kimin əlində zor varsa, başqasını təhqir etməklə iş gördürmək istəyir. Mədəni formada bu işi gördürmək mümkün deyilmi? Ona görə də bu məsələ üzərində düşünməyimiz vacibdir və bu istiqamətdə insanların hüquqlarını qorumaq zəruridir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Təbii ki, bu cür saytlarda verilən müsahibələr təkcə məmurları deyil, biz deputatları, bütün ictimaiyyəti narahat edir. Biz seçicilərlə görüşürük, o insanlar sual verirlər ki, bu cür saytlar nə vaxt qapanacaq? Niyə belə danışırlar? Əlbəttə, mən burada hörmətli həmkarım Siyavuş müəllimin fikirlərini tamamilə dəstəkləyirəm, mən də o fikirdəyəm. Bir var erməni danışır, başa düşürük ki, erməni düşmənimizdir. Amma hörmətli cənab Sədr, biz gəncləri xaricə oxumağa göndəririk. Mən o gün hörmətli həmkarımız Adil Əliyevin Köln şəhərində soyqırımı ilə əlaqədar keçirdiyi tədbirə baxdım. Kimdir orada danışanlar? Bizim vaxtilə xaricə göndərdiyimiz azərbaycanlı tələbələr. Onlar elə danışırlar ki, ermənilər onların yanında məəttəl qalıblar. Əlbəttə, tənqid olmalıdır, bizim də nöqsanlarımız var, heç kəs nöqsansız deyil. Heç bir dövlət də, deyək ki, təmiz və ideal deyil. Nöqsanlar var, amma nöqsanları da tərbiyəli surətdə, ədəb qaydaları ilə demək lazımdır. Axı insani keyfiyyətlər, insanlıq var. Axı kimisə təhqir etmək Azərbaycan xalqını təhqir etməkdir.
Burada Siyavuş müəllim çox gözəl və yerində dedi. Bu gün vətəni təhqir edirlər, xalqı təhqir edirlər, bizim hamımızı təhqir edirlər. Ona görə burada susmağın da yeri yoxdur. Hər bir insan, təkcə biz deputatlar deyil, adi vətəndaşlar da, cəmiyyətin hər bir üzvü belə çirkin, alçaq insanların cavabını verməlidir, sözünü deməlidir. Bu dərəcədə tərbiyəsizliyə də dözmək mümkün deyil. İndi insansan, tənqid edirsən, tənqidi sözünü de. Bunlar təhqir edirlər, oxumağa utanırsan, eşitməyə utanırsan. Mən heç oxumuram da, heç xəbərim də yoxdur. Amma sadəcə olaraq, insanlar söhbət edirlər, danışırlar. İnsanlar danışanda da xəcalət çəkirsən ki, biz bu millətik? Biz axı azərbaycanlıyıq.
Burada deyildi, Azərbaycan çox böyük inkişaf yolundadır. Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür, insanlar təhlükəsiz yaşayırlar. Biz, doğrudan da, bir sabitlik adasında yaşayırıq, qədrini bilmək əvəzinə bunu pozmaq istəyirlər. Ona görə də biz ayıq olmalıyıq. Təkcə biz deputatlar deyil, hər bir insan buna cavab verməlidir və bunu qəbul etməməlidir, bu bizim borcumuzdur. Mən bir daha deyirəm, bir daha təkrar etmək istəyirəm ki, biz görüşlərdə oluruq, insanlarla görüşürük və bu insanlar bizə şikayət edirlər, deyirlər ki, bunların qarşısı nə vaxt alınacaq, bu söz-söhbətlər nə vaxt kəsiləcək? Adını azərbaycanlı qoyan o adamlara, daxildə, xaricdə, harada olursa-olsun, Azərbaycanı təhqir edən adamlara ancaq və ancaq “ar olsun” deyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ağacan Abıyev.
A.Abıyev. Söz verdiyinizə görə çox sağ olun. Doğrudan da, bu hadisə bizim xalqımıza xas olan bir hadisə deyil, ola da bilməz. Lakin bəzi adını azərbaycanlı qoyub xaricdə özünü azərbaycanlı kimi qələmə verənlər bu söh-bətləri edirlər. Mən hesab edirəm ki, bu gün Azərbaycan elə insanlardan imtina etməlidir. Onlar azərbaycanlı deyillər, Azərbaycanı sevmirlər. Bəlkə də heç vaxt Azərbaycanda olmayıblar. Mən yenə deyirəm, əgər Azərbaycanın adından danışırlarsa, Azərbaycanın inkişafından, bugünkü günündən danışsınlar. Azərbaycanı artıq bütün dünya qəbul edib. Bizim inkişaf etmiş dövlətlər sırasında adımız çəkilir. Mən bir idmançı kimi deyərdim ki, idman aləmində bütün beynəlxalq olimpiya hərəkatının təkcə nümayəndələri deyil, rəhbərləri də qeyd edirlər ki, Azərbaycan artıq dünyanın olimpiya mərkəzlərindən birinə çevrilib. Azərbaycan həm də mədəniyyətin mərkəzlərindən birinə çevrilib. Azərbaycanda keçirilən idman yarışları, mədəni tədbirlər, beynəlxalq tədbirlər göstərir ki, Azərbaycanın inkişafı nə səviyyədədir. Azərbaycanın bugünkü gözəl inkişafını görən insanlar əgər Azərbaycan haqqında bu cür söhbətlər aparırlarsa, bu o deməkdir ki, onlar azərbaycanlı deyillər, Azərbaycanın düşmənləridirlər. Biz bu insanları azərbaycanlı kimi qəbul etmirik. Hesab edirəm ki, hər bir azərbaycanlı onları lənətləməlidir və onların sözləri özlərində qalacaq. Hətta xarici ölkələrin nümayəndələri Azərbaycanın indiki səviyyəsini ölkə başçısının qayğısının nəticəsi kimi qəbul edirlər. Bu insanlar isə kim tərəfindənsə öyrədilmiş insanlardır və yaxud da aldadılmış insanlardır. Onları gətirib bu vəziyyətə çıxarıblar. Şəbəkələrdəki bu danışıqlar heç bir xalqa yaramaz, xüsusilə bu, Azərbaycan xalqına yaramır.
Mən hesab edirəm, bizim hər bir azərbaycanlı çıxış etməli və başa salmalıdır ki, Azərbaycanın çörəyini yemiş və havasını udmuş insanlar Azərbaycan haqqında belə sözlər deyə bilməzlər. Azərbaycanı bu səviyyəyə qaldıran və onun inkişafına kömək edən insanlar haqqında ancaq müsbət və yaxşı sözlər deyilə bilər. Onların dediyi sözləri biz qəbul etmirik. Dünyadakı normal insanlar da bu sözləri qəbul etmirlər, etməyəcəklər də. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Novruzəli Aslanov.
N.Aslanov. Hörmətli cənab Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Mən də bu fikirlərə qatılmaq istəyirəm. Bir neçə dəqiqə öncə hörmətli Eldar İbrahimov da öz fikirlərini söylədi ki, biz görüşlər keçiririk, insanlarla ünsiyyətdə oluruq. Hamı bilir ki, Azərbaycan xalqı, Azərbaycan milləti cənab Prezidentin siyasətini, onun apardığı quruculuq işlərini birmənalı olaraq alqışlayır və dəstəkləyir. Biz bunun təsdiqini hər gün, hər zaman insanlarla görüşlərdə görürük.
Bu görüşlərdə, İsmayıllıda və Şamaxıda olanda belə bir təklif etdim ki, bizim gənclərimizin və ağsaqqallarımızın çıxışları sosial şəbəkələrdə paylaşdırılsın, Azərbaycan xalqının birmənalı mövqeyi göstərilsin. Qoy bütün dünya görsün ki, bizim xalqımız, gənclərimiz, yaşlı nəslimiz cənab Prezident haqqında, bizim dövlətimiz haqqında öz fikirlərini söyləyirlər. Mən uşaqlar görmüşəm ki, hörmətli Oqtay müəllim, hər görüşdə Musa Urudun yazdığı “İlhamla irəli” şerini oxuyurlar. Fəxr hissi keçirirəm və qeyd etmək istəyirəm ki, Eldar Quliyevlə mən incəsənət adamı olaraq bir cavab hazırlamışıq, inşallah, ortaya tezliklə bir layihə çıxaracağıq ki, bu da cavab olacaq.
Mən Siyavuş müəllimlə tamamilə razıyam, hər kəs öz səviyyəsində, yazıçı öz səviyyəsində, tarixçi öz səviyyəsində, siyasətçi öz səviyyəsində fikrini bildirməlidir. Birmənalı olaraq ictimai qınaq olmalıdır. Azərbaycan xalqı birmənalı olaraq oradakı çıxışları, oradakı münasibəti qəbul etmir və etməyəcək də. Çünki bu, heç zaman azərbaycanlılara xas olan davranış qaydası deyil, bizə yad olan ünsürdür. Mən hesab edirəm ki, Azərbaycan xalqı, Siyavuş müəllim, tam arxayın ola bilərsiniz, aprelin 11-də yüksək səviyyədə öz sözünü deyəcək. 27 illik müstəqillik dövründə Azərbaycan xalqı hamıya göstərib ki, kiminlədir və hansı siyasəti dəstəkləyir. Mən inanıram ki, bundan sonra da belə olacaq. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Mən də Siyavuş müəllimlə, Eldar müəllimlə tam razıyam, amma demək istəyirəm, bu insanlar o qədər səviyyəsiz və kişilikdən uzaqdırlar ki, parlamentimizdə heç müzakirəmizə də layiq deyillər. Yəni sabah sevinməsinlər ki, biz onları müzakirə edirik. Onlar heç kimdirlər, onlar 1–2 nəfərdirlər. Xalq da heç onlara inanmır. Mən Siyavuş müəllimə demək istəyirəm ki, Siyavuş, biz hamımız bu barədə çıxış eləmişik, fəal mövqedəyik. Mən özüm bir həftə qabaq “Şərq” qəzetində, bir neçə saytda məqalə çap etdirdim. Avropadakı soydaşlarımıza, insanlarımıza səsləndim ki, arxadan zərbə kişi işi deyil, Avropada oturub Azərbaycana və eyni zamanda, Azərbaycan Prezidentinə qarşı “qara piar” kampaniyası aparmaq istəyənlər gəlib ölkəmizdə kişi kimi rəqabət aparsınlar. Mən bunu demişəm. Mən dedim ki, hər kəsin qapısı, yolu açıqdır, namizədlərin qeydə alınması da, seçkiqabağı təşviqat da, hamısı çox rahat keçir. Sosial bazası, resursları olan hər kəs müraciət edib, hamının namizədlikləri qeydə alınıb. Kimsə öz namizədliyini irəli sürmürsə, biz neyləyə bilərik? Mən öz məqaləmdə yazmışam ki, opponentə qarşı kişi kimi rəqabət aparmaq lazımdır. Kişilik, mərdlik, dürüstlük Azərbaycan xalqının mental düşüncəsindən irəli gəlir, Azərbaycan kişisi bıçağı kürəyə deyil, sinəyə vurmağı bacarmalıdır. Arxadan zərbə kişi işi deyil.
Mən bizim parlamenti misal çəkdim. Dedim ki, gəlsinlər, parlamentin iclaslarına diqqət yetirsinlər, ölkəmizdəki bütün problemlər burada açıq-aşkar, demokratik şəraitdə müzakirəyə çıxarılır. Mən yazmışam ki, özüm müxalifətdə deyiləm, lakin çoxsaylı tənqidi çıxışlarım olur, Azərbaycan ictimaiyyəti bunu görür. Oqtay müəllim, biz istədiyimizi deyə bilirik, amma kim söyüş söyürsə, başqalarını təhqir edirsə, əlbəttə, məhkəməyə veriləcək, çünki Azərbaycan hüquqi və demokratik dövlətdir.
Bu yaxınlarda, ayın 29-da Daşkənddə mənim “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabımın özbək dilinə tərcümə olunmuş variantının 200 nəfərin iştirakı ilə təqdimatı oldu. Orada tanınmış məşhur özbək yazıçısı və tarixçisi Şöhrət Salamov da iştirak edirdi. O, daşnaklar haqqında məqalələr yazıb. O, çıxış eləyəndə mənim bu məqaləmə də diqqət yetirərək deyib ki, özbək xalqı sizin yanınızdadır. Həm də onları ifşa və tənqid edərək deyib ki, biz bu insanları saymırıq və hamıya səslənib. Orada azərbaycanlılar da var idi...
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu hadisələrin heç biri öz-özünə və ya təsadüfən baş vermir. Qlobal imperializm hazırkı mərhələdə lidersizləşdirmə və dövlətsizləşdirmə siyasətini həyata keçirir. İlk növbədə milli dövlətlərin liderlərinə, onların ətrafında olan sadiq komandaya hücumlar təşkil edilir. Bunu müxtəlif vasitələrlə edirlər və lideri sıradan çıxartdıqdan sonra dövləti dağıdırlar. Yaxın Şərq nümunəsində bunun şahidi olmuşuq. Bu nəzəriyyənin adı lidersizləşdirmə və dövlətsizləşdirmə nəzəriyyəsidir ki, bunu da qlobal imperializm edir. Bəs nə ilə edir? Hazırkı mərhələdə biz müxtəlif terror növlərini bilirik, informasiya terroru var, sosial şəbəkə terroru var. İndiki mərhələdə isə qlobal imperializm bunu informasiya terroru üzərindən həyata keçirir. Bu azmış kimi, böyük beşliyə daxil olan, Avropa siyasətini müəyyənləşdirən bəzi ölkələr ayrı-ayrı milli dövlətlərdən süni mühacirət təşkil edirlər.
Mən yaxşı xatırlayıram, müəyyən mərhələlərdə hansısa dövlətə viza almaq, oraya mühacirət etmək çox çətin idi. Sonradan onlar öz siyasətlərini dəyişəndən sonra 2008–2011-ci illərdə Azərbaycanda daxili sabitliyi başqa yollarla pozmaq istəyirdilər, amma gördülər ki, bu cür mümkün deyil, onların ciblərinin maliyyələri batdı, ilk nəticə əldə edə bilmədilər. Süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar. Hazırkı mərhələdə hansı proses baş verir? Onlar öz ölkələrində siyasi teatr düzəldirlər. Bir tərəfdən bizə icazə verirlər ki, gedib orada 31 mart soyqırımı ilə bağlı tədbir keçirək, başqa bir tərəfdən isə həmin şəbəkəni bizə qarşı qoymaqla siyasi teatr düzəldirlər. Gələcəkdə bu teatr drama çevriləcək. Gördünüz ki, Almaniyada baş verən hadisələrdə polis müdaxilə etmədi. Bu, inkişaf eləyib müəyyən mərhələyə çatandan sonra onu ölkəmizin içərisinə transfer edəcəklər. Bunu həm informasiya vasitələri ilə, həm də konkret hadisələrlə düşünülmüş şəkildə edirlər. Ciddi məsələdir, kiminsə əxlaq məsələsi deyil, kiminsə siyasi mədəniyyət məsələsi deyil, imperializmin milli dövlətə hücumudur. Bunu bu şəkildə qəbul eləmək lazımdır.
Mən nə təklif edirəm? İlk növbədə beynəlxalq hüquq var, Azərbaycan Avropa Şurasının üzvüdür, o, öhdəçilik götürdüyü kimi, digər ölkələrin də Azərbaycan qarşısında müəyyən öhdəçilikləri var. O şəxslər ki Azərbaycanı təhqir edirlər, Azərbaycanın Prezidentini təhqir edirlər, onlara qarşı hüquqi çərçivədə hüquqi proses başladılmalı və onlar konkret cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
İkinci məsələ. Milli informasiya məkanımız çox ciddi təhdid altındadır. Cənab Prezident deyir ki, bizim milli təhlükəsizliyimizin ən əsas komponentlərindən biri də informasiya təhlükəsizliyidir. Biz nə qədər müşahidə edəcəyik ki, bizim informasiya təhlükəsizliyimiz...
Sədrlik edən. Bir dəqiqə verin.
H.Məmmədov. Çox sağ olun, cənab Sədr. “Facebook” da, “Twitter” də, digər resurslar da transmilli şirkətlərdir, gəlin, bunlarla münasibətləri hüquqi müstəvidə tənzimləyək və müəyyən əxlaq, təhqir səviyyəsində yayılan fikirlərə “Twitter” qadağa qoysun. Bu bizim cəmiyyətimizin əxlaqi keyfiyyətinə, siyasi mədəniyyətinə təsir göstərməsin. Düşünürəm ki, özümüzü bu cür qoruya bilərik və vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycan informasiya məkanında fəaliyyətinin hüquqla, qanunla nizamlanması mərhələsi başlansın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hələ 20 nəfər də yazılıb. Əli müəllim də çıxış eləsin, mən sonra sözümü deyəcəyəm. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Avropanın bir sıra ölkələrində bir qrup şəxsin Azərbaycan hakimiyyətinin, Azərbaycan Prezidentinin, Azərbaycan xalqının, onun nümayəndələrinin ünvanına söylədiyi təhqirlərə və söyüşlərə qarşı Azərbaycan ictimaiyyətinin həmrəy mövqeyi həm də ona görə əhəmiyyətlidir ki, Avropa məkanında bununla mübarizə üçün hər hansı bir hüquqi mexanizm mövcud deyil. Məhz buna görə də mən həmkarlarımın bu fikri ilə razıyam ki, cəmiyyətimizdə insanları təmsil edən bütün təbəqələr bu məsələdə öz vətəndaşlıq mövqelərini bildirməlidirlər. Hər kəs həm də ona arxayın olmalıdır ki, Azərbaycan xalqı, həqiqətən də, indi keçiriləcək Prezident seçkiləri ərəfəsində həm cənab Prezidentə, həm də dövlətimizə bir daha öz sədaqətini nümayiş etdirir. Hər kəs bilməlidir ki, ölkə Prezidentinə, hakimiyyət nümayəndələrinə ünvanlanan istənilən təhqir Azərbaycan xalqına ünvanlanan təhqir və böhtandır. Bu baxımdan bizim hamımızın həmrəy olmağımıza ehtiyac var. Azərbaycanlı olmaq təkcə Azərbaycanda doğulmaq, azərbaycanlı adını və soyadını daşımaq demək deyil. İnsanlar var ki, onlar Azərbaycan təfəkküründən uzaqdırlar. Avropada bu cür düşünən insanlar ilk növbədə Azərbaycanın milli-mənəvi dəyərlərindən uzaqdırlar. Bizim bu məsələdə həmrəyliyimiz ölkəyə, ölkə Prezidentinə, dövlətə, xalqa sədaqətimizi bildirir. Hesab edirəm ki, bu məsələdə belə bir həmrəylik hər kəsin mövqeyi, həm də xalqın mövqeyi deməkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, həqiqətən, müzakirələr bu istiqamətdə getdi, ancaq müzakirələri aparmaq üçün hökm deyil ki, mikrofon olsun, bu məsələləri mikrofonla deyək. Bunun üçün saytlar var, qəzetlər var. Aydındır ki, bunu yazan adamlar, belə münasibət göstərən adamlar Azərbaycan xalqına aid olan insanlar deyil. Azərbaycan xalqı mərd xalqdır, Azərbaycan xalqı mənəviyyatı olan xalqdır. Bu adamlar Azərbaycan xalqının mənəviyyatından uzaq olan adamlardır. 21 nəfər də yazılıb. Milli Məclisin işini qoyub hamımız bu haqda danışırıq. İmkanınız var ki, fikirlərinizi saytlar, qəzetlər vasitəsilə deyəsiniz.
İndi keçirik gündəliyin müzakirəsinə. Gündəliyin birinci iki məsələsi beynəlxalq sazişlərdir. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz böyük nəqliyyat qovşağına çevrilmiş, nəqliyyatın bütün növləri üzrə xarici tərəfdaşlarla geniş əlaqələr qurulmuşdur. Adı çəkilən saziş də ölkəmizin Əfqanıstan İslam Respublikası ilə hava əlaqələrinin qurulması məqsədi daşıyır. Saziş 2017-ci il dekabrın 1-də Bakıda imzalanmış və 17 maddədən ibarətdir. Hava əlaqəsi sahəsində ortaya çıxa biləcək bütün məsələləri əhatə edir. Buraya anlayışlar, hüquqların verilməsi, aviasiya şirkətlərinin təyinatı və səlahiyyətləndirilməsi, istismar səlahiyyətlərinin ləğvi və dayandırılması, tariflər, vergi və gömrük rüsumlarından azadolmalar, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, məlumat mübadiləsi, vergilərin və gəlirlərin köçürülməsi və sair məsələlər daxildir. Qeyd etmək istərdim ki, Əfqanıstanla hava əlaqəsinin qurulması ölkəmizin bu regionla əməkdaşlığının daha da dərinləşməsinə, turizmin inkişafına, təşviqinə və sairə imkanlar yaradacaqdır. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İkinci saziş Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqındadır. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Saziş ölkələrimiz arasında sərmayə axınına təkan verəcək. Qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrinin inkişafına, hər iki ölkə vətəndaşlarının işgüzar təşəbbüslərinin yaranmasına imkan yaradacaq. Sazişə əsasən hər dövlət öz ərazisində digər dövlətin sərmayəçilərinə məxsus sərmayələrin tam qorunmasını təmin edir. Bunun üçün əlverişli sərmayə rejimi müəyyən edilir. Sazişdə sərmayələrin təşviqi və qarşılıqlı tanınması məqsədi ilə bir sıra müddəalar, zərərin ödənilməsi, mübahisələrin həlli qaydası, sazişin tətbiqi, qüvvəyə minmə və qüvvədə olma müddəti və sair məsələlər öz əksini tapmışdır. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Üçüncü məsələ Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamədə dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Sizə təqdim olunmuş qanun layihəsinin əsas mahiyyəti bundan ibarətdir ki, bilirsiniz, biz 2017-ci il oktyabr ayının 2-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əlavə və dəyişikliklər elədik, həmin əlavə və dəyişikliklərin məzmununa görə dövlət orqanları və müəssisələri bu və ya digər dövlət orqanlarında, müəssisələrində, habelə bələdiyyə orqanlarında korrupsiya ilə əlaqədar hallar varsa, orada yoxlamalar apara bilərlər. Həmin qanuna edilmiş dəyişikliklərə müvafiq olaraq bu Əsasnaməyə edilən əlavə və düzəlişlər uyğunlaşdırma məqsədi ilə aparılır. Yəni “qurumlar” sözü əlavə olunur. Bu, redaktə xarakterli dəyişiklikdir. Sizi bu dəyişikliyə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, dördüncü məsələ “Hidrometeorologiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm. Hörmətli Milli Məclis deputatları, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məktubu ilə Milli Məclisin müzakirəsinə “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilmişdir. Təklif edirik ki, “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin: “Hidrometeorologiya və təbii mühitin monitorinqi işlərinin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir”. Bu dəyişikliyə ehtiyac nədən irəli gəlir? Qanun layihəsi “Elm haqqında” Qanunda və “Geodeziya və kartoqrafiya haqqında” Qanunda etdiyimiz dəyişikliyə uyğunlaşdırma üçün təklif edilir. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, beşinci məsələ Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Təqdim olunan iki medaldan biri adi medaldır, digəri isə yubiley medalıdır. “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə gəmiçilik sahəsində xüsusi rolu olan şəxslər təltif edilir. Azərbaycan o zamanlar müstəqil olmasa da, 1858-ci ildə ilk dəfə olaraq Bakıda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi deyilən bir qurum yaradıldı və o dövrdən artıq ölkəmizdə dəniz gəmiçiliyi inkişaf etməyə başladı. Bu baxımdan hesab edirəm ki, 160 illik yubiley medalı da təqdirəlayiqdir. Hər iki medal ilə gəmiçilik sahəsində çalışan, gəmiçiliyin inkişafında və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslərin təltif olunması nəzərdə tutulur. Əminəm ki, sizlərə həm medalın, həm də yubiley medalının təsviri təqdim olunub. Onu deyə bilərəm ki, medalların hər ikisi özündə həm milli dövlətçilik atributlarını, həm də, təbii ki, gəmiçiliklə bağlı atributları əks etdirir. Həmkarlardan səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən, təbii ki, bizim gəmiçilərin fəaliyyəti ilə bağlı çox yüksək fikirdəyəm, çox böyük işlər görürlər, zəhmət çəkirlər. Amma prinsip olaraq bu məsələni gündəmə gətirməyi vacib saydım ki, xüsusilə bu medal və ordenlər sahəsində keçmiş sovet ənənəsinin ən çox yaşadığı ölkə bəlkə də Azərbaycandır. 1858-ci ildə hansısa rus mühəndis, ya da başqa millətdən olan mühəndis Xəzər dənizinə gəmi gətirib, onu idarə edibdir.
Bizim bugünkü müstəqil dövlətimiz 1918–1920-ci illərdə yaranmış müstəqil dövlətimizin varisidir. Mendeleyev cədvəlini burada kəşf etsə idi, biz bu gün bunu Azərbaycanın adına bağlayacaqdıq? Hətta bizdə bir vaxtlar xatırlayırsınızsa, Oqtay müəllim, tez-tez Bakıya niyə “qəhrəman şəhər” adı verilməyib deyirdilər. Niyə verilsin? Azərbaycanın paytaxtına Rusiya niyə “qəhrəman şəhər” adı verməlidir? Axı dünyanın heç bir yerində “qəhrəman şəhər” yoxdur. Bu, sovet ənənəsidir, o dövrdə hansısa bir sahəni prioritet olaraq göstərmək üçün, işçiləri həvəsləndirmək üçün bir sosializm yarışı keçirilirdi. İndi bu qədər medala nə ehtiyac var? Sabah, tutaq ki, Kür çayı gəmiçiliyinin 100 illiyidir, ona da bir medal hazırlamalıyıq? Ya Mingəçevir gölü gəmiçiliyinin 50 illiyidir, buna da medal hazırlamalıyıq? Mən bu insanlara etiraz etmirəm. İnsanlara mükafat vermək lazımdır, ancaq pul mükafatı vermək lazımdır. Əgər gəmiçilikdə xidməti varsa, bunu stimullaşdırsınlar, kimlər fəaliyyət göstəriblərsə, əlavə ödəniş verilsin, əlavə mükafat verilsin. Milləti bu qədər medala aludə etmək olmaz. Siyasətdə də, başqa sahələrdə də hamı sanki rəqabət yarışına girib. Kimsə kimdənsə bir az aşağı səviyyəli medal alırsa, ürəyinə salır ki, aha, mənə, deyəsən, yaxşı qiymət vermədilər.
Ümumiyyətlə, bunu bir az azaltmaq lazımdır. Bu, sovet ənənəsi ilə bağlı məsələdir. Dünyanın heç bir yerində belə bir ənənə yoxdur. Kiminsə 160 illiyidir. Bu qədər pulu biz bu medallara niyə sərf edirik? Hansısa peşənin davamçılarıdırlarsa, hansısa formada onları mükafatlandırma sistemi qurulmalıdır. Dediyim kimi, bunu maddi ödəniş formasında, yaxud da bir fəxri fərman formasında etmək daha doğrudur. O baxımdan mən bu ənənənin dəyişməsinin tərəfdarıyam. Deyək ki, hər bir qurum özü üçün bir tarix müəyyən edir. O tarixi, heç olmasa, bizim müstəqillik tariximiz ilə uzlaşdıraq. Yəni Bakıda hansısa bir mühəndisin nə isə kəşf etməsi bugünkü Azərbaycan xalqının nailiyyəti deyil axı. Ya da Nobel Bakıda neft kəşf edib, indi Nobel bizim ağsaqqalımız olmayacaq ki. Ya Nobel gəlib burada nə isə kəşf edib, istismar edib, müəyyən vəsait qazanıb, onu da faydalı işlərə xərcləyib, biz onu qiymətləndiririk. Amma Nobeli biz azərbaycanlı kimi qəbul edə bilmərik ki. O baxımdan mən hesab edirəm ki, bu ənənəyə bir də baxmaq lazımdır.
Söhbət bugünkü məsələdən getmir. Biz yanaşmanı dəyişməliyik. Ola bilsin ki, Azərbaycan insanlarında medala bağlılıq bir az çoxdur, hamı medal almaq istəyir. Amma dövlət gərək insanları bir az doğru istiqamətə yönəltsin. Bunun ardınca xalq artisti, xalq yazıçısı, akademik, professor gəlir. Milli Elmlər Akademiyası yaratmışıq, amma elmi tədqiqat profili arxa plandadır. Hamı ancaq titul dalınca qaçır. Universitetlərimiz var, elmi tədqiqat profili tamamilə arxa plandadır. Amma müasir dünyanın tələbi axı başqa şeydir. Biz özümüzə təsəlli üçün öz aramızda hansısa bir titul yarışına, medal yarışına çıxmamalıyıq. Nəhayət, məncə, buna son qoymaq və bu istiqamətdə daha yeni düşüncəni qəbul etmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma hər şeyi maddi maraq prinsipinə çevirmək də olmaz. İndi bir neçə müddətdən sonra Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar medal təsis ediləcək. Onda o medalı təsdiq etmək lazım deyil? 100 ildə bir dəfə olan məsələdir. Hər şeyi maddi marağa bağlamaq olmaz. Buyursun Siyavuş müəllim.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu məsələyə səs verəcəyəm, deputat həmkarlarımdan da xahiş edirəm, səs versinlər. Çünki bu ciddi məsələdir, həm fəxri adların alınması, həm də orden və medallarla təltif olunma bu gün ictimaiyyətdə də çox müzakirə olunur. Mən hesab edirəm ki, hər bir təltif insana olan diqqətdir. Bu diqqət tək o insanın özünə deyil, onun ailəsinə, nəslinə, tayfasına, gələcək nəsillərinə olan diqqətdir. Maddiyyat belədir ki, bu gün var, sabah yoxdur. Bununla da bitdi, getdi və heç yerdə də qeyd olunmur ki, filankəs filan qədər mükafat aldı və ya almadı. Yaxud da bunun ekvivalentini necə ölçə bilərsən? “Şöhrət” ordeninin qiyməti nə qədər olmalıdır ki, həmin vəsait onu əvəz edə bilsin. Eləsi var ki, heç 100 minə də dəyməz, eləsi var, buna başqa yanaşma tərzi ilə yanaşır. O baxımdan mən hesab edirəm ki, bu cür təltiflər hər bir ölkənin dövlətçiliyinə xidmət edən amillərdəndir. Vaxt var idi ki, insanlar istər Böyük vətən müharibəsində, istər Əfqanıstan müharibəsində, istərsə də Qarabağ döyüşlərində “Azərbaycan bayrağı” ordeni almaqdan ötrü özlərini tankın altına atırdılar, vətənlərini müdafiə edirdilər və seçilirdilər. Bu seçimdir. Biz bu seçim imkanlarını insanların əlindən ala bilmərik.
Adətən, yaxşı oxuyan pis oxuyandan deyil, pis oxuyan yaxşı oxuyandan nümunə götürməlidir. O baxımdan mən hesab edirəm ki, dövlətin atributlarından biri olan bu təltiflər olmalıdır. Bu, dövlətçiliyin qədimliyinin, onun tarixiliyinin və dövlətçiliyinin göstəricisidir. Hesab edirəm ki, gələcəkdə Milli Məclisin də bu sahədə özünün təltifləri olmalıdır. Milli Məclisdə fərqlənən, müəyyən dövrdə Milli Məclisin işində fəaliyyət göstərmiş əməkdaşlarımız, Milli Məclisin qanunvericilik məsələlərində yaxından iştirak edən, müəyyən yaş dövrünə çatan Milli Məclis üzvləri təltif olunmalıdırlar. Müxtəlif ölkələrlə parlamentlərarası əlaqələrimiz var. Biz bu insanları təltif etməliyik, yenə də deyirəm, bu, dövlətin, dövlətçiliyin insana olan diqqətinin bir nümunəsidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cavid Qurbanov.
C.Qurbanov. Təşəkkür edirəm, Oqtay müəllim. Fazil müəllim burada çox alovlu çıxış etdi. Amma mən bir şeyi istəyirəm, sadəcə, başa düşüm. Deyək ki, at yarışında atlar çapanda atın üstündəki yiyəsi sevinir, yoxsa at sevinir? Yəqin ki, yiyəsi sevinir də. İnsanın fərqlənmə forması var. Biz bir şeyi yeyəndə də, bağışlayın məni, çox üzr istəyirəm, seçib yeyirik. Fərqləndirmə məsələsinə gətirib çıxarmaq istəyirəm. Bu insanları nə ilə isə fərqləndirmək lazımdır. Ona görə də bu fərqlənmə həmişə olmalıdır, yaxşı işçi ilə pis işçi nə ilə isə fərqlənməlidir. Bunu həmişə pulla etmək olmur ki, gəl, sənə pul verim. İnsanları seçmək lazımdır. Bu insanlardan biri birinci yeri tutub, o birisi ikinci yeri tutub və sair. Bir fərqlənmə məsələsi olmalıdır, seçim məsələsi olmalıdır. Bu fərqlənmənin də nə isə bir forması olmalıdır. İstəyirsən, medal ver, ya da istəyirsən, pul ver. Formalar müxtəlifdir. Bizdə də insanlar bunu qəbul edir, bu forma onlar üçün yaxşıdırsa, onların kefi durulursa, onlar bundan fəxarət duyurlarsa, biz bunu niyə etməyək. Xaricdə belədir, mən də beləyəm, olmur axı. Bizə bu lazımdır, edirik, fərqlənmədir bu. Hesab edirəm ki, bu məsələ düzgündür və mən səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov buyursun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən bu məsələyə Fazil müəllimdən fərqli olaraq bir az başqa cür yanaşardım. Fazil müəllim, mən hesab edirəm ki, bu, dar mənada izah olunmamalıdır. Məsələn, ondan başlayım ki, Siz Rusiyanın da adını çəkdiniz. Amma yeri gəlmişkən deyim ki, bu məsələni qaldıranlardan biri də mən olmuşam. Demişəm ki, vaxtilə SSRİ-nin günahı olub ki, Bakıya “qəhrəman şəhər” adı vermədilər. Söhbət ondan getmir ki, bu adı verən kimi Bakı qəhrəman olacaq, ya olmayacaq. Söhbət ondan gedir ki, biz dünyaya çatdıraq ki, bu müharibədə qələbənin əldə olunmasında Azərbaycanın, Bakı neftinin, Bakı sürtgü materiallarının, Bakı neftçilərinin çox böyük əməyi olubdur. Biz bunu dünyaya çatdırmaq üçün edirik. Ancaq bunu SSRİ-də etmədilər, qısqanclıqdan etmədilər, paxıllıqdan etmədilər, nə üçün etmədilər, bu da bizə məlumdur.
Konkret məsələyə gələk. Əgər biz bu medalı təsis etməklə müəyyən ediriksə ki, Xəzər Dəniz Gəmiçiliyinin böyük tarixi var, bunun nəyi pisdir? Bəyəm bizim tariximiz 1918–1920-ci illərdən başlayır, ya 1991-ci illərdən başlayır? Siz deyirsiniz ki, bütün medalları, heç olmasa, bununla əlaqələndirin. Adama sual verərlər. Onda 1918-ci ilə qədər bizim tariximiz olmayıb? Bəyəm bizim neft buruqları sənaye üsulu ilə ilk dəfə 1845-ci ildə qazılmayıb? 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin əsası qoyulanda xarici şirkətlərin Azərbaycana gəlməsinin əsas səbəblərindən birini ulu öndərimiz onunla arqumentləşdirirdi ki, Bakı neftinin tarixi var. Siz buraya gəlsəniz, burada böyük neft ehtiyatları var, qaz ehtiyatları var. Xəzər Dəniz Gəmiçiliyinin də tarixi var. Bu, tarixdir, bizim tariximizin bir hissəsidir. Bunu biz kənara ata bilmərik. Yoxsa bir dənə medaldan tutmusunuz ki, bu nədir? Bu, sovet ənənəsi deyil. Bu, Azərbaycanın tarixinə yiyə durmaqdır. Azərbaycanın tarixini bax bu cür maddi təsvirlərlə əsaslandırmaqdır.
Bir məsələni də deyim sizə. Bax biz xarici ölkələrdə olanda, – bu, yeri gəlmişkən, sovet ənənəsi deyil, – bizə o ölkələrin parlamentlərində həmin ölkənin bu və ya digər sahəsi ilə bağlı yubiley medalları təqdim olunur. Avropa ölkələrinin özündə, lap sovet ölkələrində də bu ənənə var və bununla ölkələr bir-birlərinə öz tarixlərini çatdırırlar. Burada qeyri-adi və ya pis heç nə yoxdur, Fazil müəllim. Buna görə mən hesab edirəm ki, çox yerində verilmiş bir qanun layihəsidir və biz buna səs verib qəbul etməliyik.
Sədrlik edən. Mən hesab edirəm, həmkarlarım inciməz. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
4 məsələ – 6,7, 8, 9-cu məsələlər bir məktubla gəlib. 6-cı məsələ “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq hörmətli Oqtay müəllim qeyd etdi ki, gündəlikdə olan 4 növbəti qanun layihəsi cənab Prezidentin bir məktubu ilə daxil olmuşdur və icazə versəydiniz, onları birlikdə təqdim edərdim, ayrı-ayrı səsə qoyulardı. Məlumat üçün bildirmək istəyirəm ki, 2016-cı il 28 oktyabr tarixində “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdi. “Kredit büroları haqqında” Qanunda dəyişikliklər ilk növbədə yeni kredit bürosunun işə düşməsi ilə bağlı ortaya çıxan boşluqların aradan qaldırılması və qanunun təkmilləşdirilməsi ilə bağlıdır. Həmçinin qanunun bır sıra maddələrində – 6.3, 12.3, 13.2.3, 13.3.1, 14.1, 15.7, 22.5-ci maddələrində dəqiqləşmə xarakterli düzəlişlər təklif edilmişdir.
Məlumdur ki, kredit bürosunun məlumat bazasından istifadə ödənişlidir və buna görə büro xidmət haqqı təyin edir. Lakin qanunun 21.1-ci maddəsinin ikinci cümləsi xidmət haqqının formalaşmasına bir məhdudiyyət tətbiq edirdi ki, bu da haqqın müvafiq informasiyanın hazırlanması və təqdimi üçün çəkilən xərcdən artıq ola bilməməsi ilə bağlı idi. Bu isə təcrübədə hər bir informasiyaya çəkilən xərcin maya dəyərinin müəyyən olunması problemini yarada bilər. Notariusların da məlumat bazasından öz fəaliyyət məqsədləri üçün ödənişsiz, yəni xidmət haqqı ödəmədən istifadə etmək imkanı yaradılır. Nəhayət, mərkəzləşmiş kredit reyestrindən məlumatların verilməsi müddətləri ilə bağlı 23.3-cü maddə yeni redaksiyada verlir ki, bu da qeyd etdiyimiz kimi, artıq yeni kredit bürosunun fəaliyyətə başlaması ilə əlaqədardır. Yəni Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşmiş kredit reyestri artıq məlumat istifadəçilərinə məlumat verməyi 2018-ci il aprelin 1-dən dayandırır. Çünki bu məlumatlar artıq kredit bürosuna ötürülmüşdür.
Digər 2 qanuna – “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara və Mülki Məcəlləyə təklif olunan dəyişikliklər isə “Kredit büroları haqqında” Qanunun tətbiqi ilə bağlıdır. “Banklar haqqında” Qanuna edilən dəyişikliklərə görə banklar öz borcalanları barədə məlumatı həm Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrinə, həm də üzvləri olduqları kredit bürosuna təqdim edəcəklər. Eyni məzmunlu dəyişiklik “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna da aid edilir. Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşmiş kredit reyestrinə məlumatların verilməsi qaydasını Mərkəzi Bankın Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edir. Mülki Məcəlləyə təklif olunan dəyişiklik isə bank sirrini təşkil edən məlumatların kredit bürolarına verilməsi imkanını nəzərdə tutur. Ona görə də qısa zaman kəsiyində kredit bürolarının fəaliyyətə başlamasının səmərəsini artırmaq məqsədi ilə millət vəkillərindən bu qanun layihələrinə ayrı-ayrılıqda səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu məsələ ilə bağlı, bilirsiniz ki, hazırda Yeni Azərbaycan Partiyasının təşviqat qrupuna daxil olan insanlar tərəfindən yerlərdə çoxlu görüşlər keçirilir. Bugünkü günə qədər mindən artıq görüş keçirilibdir və hər bir görüşdə də seçicilərin bir hissəsinin əsas qaldırdığı məsələ məhz o kreditlərlə bağlı olan məsələdir. Oqtay müəllim, Siz də bununla bağlı fikir bildirmişdiniz. Təbii ki, bu araşdırılır. Amma mən istərdim ki, Ziyad müəllim də, digər bu sahə ilə məşğul olan insanlar da bu məsələni ciddi araşdırsınlar. Bu kreditləri bir-birindən fərqləndirsinlər. Bir gün burada bir hesabat versinlər ki, nə qədər insan bu krediti özünə maşın almaqdan ötrü götürüb, nə qədər insan fermer təsərrüfatı, iş yeri yaratmaqdan ötrü götürüb. Bunlar bir-birindən fərqləndirilməlidir. Əgər biz bu gün onlara hər hansı bir köməklik göstərmək istəyiriksə, tutaq ki, biri iş yaratmaq istəyir, ailəsini saxlamaq istəyir və hər hansı bir təbii fəlakət nəticəsində işi baş tutmursa, buna diqqət göstərmək lazımdır. Buna hansısa formada güzəştlər olmalıdır. Ancaq biri öz gücündən asılı olmayaraq 50 minlik avtomobil almaq istəyirsə, getsin, dövlətin kreditini ödəsin, borcunu yerinə yetirsin. Bu, tamam başqa-başqa yanaşma tərzidir. Ona görə də mən hesab edirəm, insanların vəziyyətləri ilə əlaqədar qərar qəbul etmək lazımdır. Eləsi var ki, mənə bəllidir, hüzrünü verməkdən ötrü kredit götürübdür. İndi milli adət-ənənədir, deyir, “palaza bürün, ellə sürün”. İmkanı olmayıb, gedib kredit götürüb. Bu insanlar nəzərə alınmalıdırlar. Yəni müxtəlif kateqoriyalı insanlar var.
Biz Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdıq. İki ilə yaxındır, vaxt keçir. Hələ bir nə səs var, nə də soraq var. O biri banklarda da gah şuralar dəyişir, gah da rəhbərlər dəyişir. Hələ Milli Məclis deputatları qarşısında bir məsələ qoymayıblar ki, biz nəyi dəyişdirdik, nə etdik, bunun xeyri nədir, nədən ötrü olmalıdır. Burada ən əsası insanların vəziyyətidir. Cənab Prezidentin də tapşırıqları, qanunlardakı dəyişikliklər, atdığı addımlar ona görədir ki, bu məsələlər öz həllini tapsın və əhalinin güzəranı yaxşılaşsın. Biz qanun qəbul etdik, dəyişiklik etdik ki, puldəyişmə məntəqələri yenidən bərpa olunsun. Bu günə qədər hələ nə bir səs var, nə də soraq var. Bu məntəqələrdə 9 minə yaxın insan çalışırdı və ailəsinə çörək aparırdı. Bu, kiminsə inhisarına çevrilibdir. Qanunun qəbul olunmasına baxmayaraq, imkan vermir, şərait yaratmır. Bunların hamısına bir aydınlıq gətirilməlidir ki, vətəndaşlarımız da bilsinlər, başa düşsünlər.
Azərbaycan Prezidentinin cəsarətli addımı nəticəsində sovetlər birliyində banklarda qalan əmanətlər vətəndaşlara qaytarıldı. Postsovet məkanında heç yerdə bu hadisə baş verməyib. 2 milyard manatdan artıq pul vətəndaşlara qaytarılıb və bu gün də bu proses davam edir. Digərləri də bu addımları atmalıdırlar. Biz gözləməli deyilik ki, elə hər bir addımı cənab Prezident atsın. Düzdür, göstəriş verir, tapşırıq verir, biz də qərar qəbul edirik. Qəbul olunmuş qərarı yerinə yetirin də. O insanlar üçün iş yerləri açılsın. Valyutadəyişmə məntəqələri fəaliyyət göstərsin, bir-birlərinin arasında rəqabət yaransın. Yoxsa bunların hamısı bir adamın əlində yığışıb, bununla məşğul olur. O baxımdan da mən istəyirəm ki, Ziyad müəllim növbəti dəfə belə məsələləri məruzə edəndə bu məsələlərə də aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media təmsilçiləri! Mən hörmətli həmkarım Siyavuş Novruzovun qaldırdığı məsələni tamamilə dəstəkləyirəm, müdafiə edirəm və bununla bağlı 1–2 məqama da diqqəti cəlb etmək istəyirəm. Bu gün Azərbaycanda ən ciddi problem vətəndaşlarla kommersiya bankları arasında yaranmış olan mövcud vəziyyətdir. Vaxtilə kommersiya bankları əmanətləri aşağı faizlə götürərək ondan 2 qat yuxarı faizlərlə vətəndaşlara kredit verəndə düşünməliydilər ki, bir gün bu, bumeranq kimi onların üzərinə qayıdacaq. Onlar yaratmış olduqları bu problemlərlə həm vətəndaşları çıxılmaz vəziyyətdə qoyublar, həm də özləri çıxılmaz vəziyyətdədirlər. İndi də bütün istiqaməti dövlətin üzərinə yönəldirlər. Yaxşı, kommersiya bankları dövlətin yaratmış olduğu imkanlardan istifadə edərək o pulu qazananda bilmirdilər ki, bu nə vaxtsa ağır nəticələrə gətirib çıxara bilər? Əgər bunu başa düşmürdülərsə, anlamırdılarsa, onda nə üçün kommersiya banklarında oturub bank işi ilə məşğul olurdular? Ona görə də düşünürəm ki, bu məsələ ciddi problemdir.
Hörmətli Oqtay müəllim, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunubdur, həm hökumətin hesabatında, həm plenar iclaslarda, həm də büdcənin müzakirələrində ciddi məsələ kimi önə çıxarılıbdır, lakin bir nəticə yoxdur. Təəssüflər olsun ki, burada Siyavuş müəllim ötəri olaraq dedi, biz Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdıq və ümidvarıydıq ki, bu palata mövcud problemlərin həlli üçün konkret addımlar atacaq, təkliflərlə çıxış edəcək. Lakin 2 ildən yuxarıdır, bu, heç bir nəticə verməyib və onların fəaliyyəti də göz qabağındadır. Məlumatlar var ki, orada ikihakimiyyətlilik hökm sürür, intriqalar baş alıb gedir. Faktiki olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası iflic vəziyyətdədir. Buna aydınlıq gətirilməlidir. Yaxşı, onlar orada oturub maaş alırlarsa, dövlət strukturu kimi fəaliyyət göstərməlidirlər. Bunların fəaliyyəti haradadır? Hanı nəticələr? Seçicilər hər birimizə bununla bağlı müraciət edirlər. Biz sözümüzü deyirik, hörmətli Oqtay müəllim, ancaq nəticəsi yoxdur. Ona görə mən çox xahiş edirəm ki, Siz öz səlahiyyətləriniz çərçivəsində bu məsələnin seçkilərdən sonra gündəliyə gətirilərək həll olunması yolunda konkret addımların atılması üçün təsir göstərəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim, tapşırığı eşitdim. Xahiş edirəm, gündəliyin 6-cı məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 7-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 9-cu məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsi yaddan çıxdı, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti, 10-cu məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Mülki Məcəlləyə təklif olunan dəyişikliklərdən biri Mülki Məcəllənin “Hüquqi şəxsin orqanları” adlı 49-cu maddəsi ilə bağlıdır. Bu maddə kifayət qədər genişləndirilir. Çox vacib bir maddədir. Amma məğzini qısaca demək istəyirəm ki, burada məqsəd hüquqi şəxs adından çıxış edən şəxsin təmsil etdiyi hüquqi şəxs qarşısında məsuliyyətinin daha da artırılmasıdır. İkincisi, hüquqi şəxs adından çıxış edən şəxsin vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə əlaqədar vurduğu ziyanın ödənilməsi, o cümlədən onun vəzifədən kənarlaşdırılması və nəhayət, hüquqi şəxsin audit komitəsinin üzvlərinə tələblərin dəqiqləşdirilməsidir.
Hörmətli həmkarlar, nə üçün bu vacibdir? Çünki bir sıra hallarda hüquqi şəxs və hüquqi şəxsin orqanları arasında, vəzifəli şəxslər arasında mübahisələr yaranır, məhkəmə mübahisələrinə gətirib çıxarır və qanunda hüquqi şəxslə, hüquqi şəxsin orqanları ilə bağlı məsuliyyət məsələlərinin dəqiq göstərilməsi, hesab edirəm ki, çox vacib məsələdir. Səs verməyinizi xahiş edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli sədrlik edən, hörmətli deputatlar! Doğrudan da, Əli müəllimin qeyd etdiyi kimi, burada çox vacib, dəyərli təkliflər var. Amma bir neçə məsələ mənə aydın deyil. İcazənizlə onları nəzərinizə çatdırım. 49.3-cü maddədə əvvəllər “hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir” sözləri indi “nizamnamə kapitalında ən azı 5 faiz paya malik olan iştirakçısının tələbi ilə” sözləri ilə əvəz olunub. Mənim nöqteyi-nəzərimlə 5 faizdən aşağı paya malik olanın hüququ pozulur, yaxud mütləq 5 faizdən artıq paya malik olan şəxs onun hüququnu müdafiə etməlidir. Mən düşünürəm ki, bu bir qədər çətinlik yaradır.
Sonra, 49.5-ci maddədə “zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər” sözləri əlavə olunur. Bilirsiniz, əmək qanunvericiliyində dəymiş zərərə görə vəzifədən kənarlaşdırma halları, məncə, yoxdur. Ona görə əgər belə bir hal baş verərsə, qoy mülki, cinayət və sair məsuliyyətə cəlb olunsun. Amma bunu dəymiş zərərə görə nə üçün vəzifədən kənarlaşdırırlar, bu mənə bir qədər aydın deyil.
91-4.3-cü maddədə belə bir əlavə olunur ki, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər. Məsələ budur ki, 107-12.3-cü maddədə də eyni ilə bu ifadə var. Yəni cəmiyyətin icra orqanının üzvləri və ya cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər. Yəni bir növ açıqdır da. Müşahidə şurasının, ya direktorlar şurasının üzvünün, eyni zamanda, audit komitəsinin üzvü ola bilməsi nə deməkdir? Həmin o cəmiyyət bir növ, belə deyək də, məhkəmə hakimiyyətini də ələ alır, icra hakimiyyətini də, qərarverici hakimiyyəti də. Mən bunu deyə bilmirəm. Amma əvvəlki normalar çox doğru idi. O normalarda heç biri ola bilməzdi. Amma indi direktorlar şurasının üzvünə belə bir imkanın verilməsi, zənn edirəm ki, doğru olmazdı.
Yaxud 107-7.2-ci maddədə cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin sayı və onlara olan tələblər cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. İndi dəyişib ki, qanunla müəyyən edilir. Mən bilmirəm, hər cəmiyyətdən ötrü məgər qanun qəbul etmək lazımdır? Məncə, nizamnamə elə əvvəlki mətndə yaxşı idi. Ona görə də düşünürəm ki, belə dəyişikliyə ehtiyac yoxdur.
İcazə versəydiniz, fürsətdən istifadə edib xırda bir məsələni də deyərdim. Siyavuş müəllim burada toxundu, əslində, biz cavab vermişik. Hamı bilir ki, – burada mənim o vaxtkı hakimiyyət yoldaşlarımdan var, – mən o zamankı iqtidara da, bugünkü müxalifətə də o vaxt müxalifətdə olmuşam. Ancaq kimsə deyə bilməz ki, mən nə vaxtsa əxlaqdankənar, qanundankənar bir söz söyləmişəm. Heç kəs yaddan çıxarmasın ki, bugünkü radikal müxalifətə mən ona görə müxalifətdə olmuşam ki, onlar gizli və ya açıq şəkildə məhz bugünkü iqtidarın yanında olublar, hamısı da faydalanıb. Mənə bir nəfər göstərsinlər ki, bu iqtidardan xeyir görməyib. Parlamentində də oturublar, xeyrini də görüblər. İndi qovulandan sonra olublar qəhrəman, radikal müxalifət. Kim inanar sizə? Hansı partiya, onun hansı sədri indiyə qədər bəyan edib ki, mən Azərbaycanda sabitliyi təmin edə bilərəm? 10 ildən yuxarıdır, heç ideoloji mübarizə də yoxdur. Heç biri cürət edib heç nə bəyan edə bilməz. Lenin o vaxt deyirdi: “ЕÑÑ‚ÑŒ Ñ‚Ð°ÐºÐ°Ñ Ð¿Ð°Ñ€Ñ‚Ð¸Ñ”. Dursun, biri desin ki, hakimiyyətə gəlib prezident olsa, Azərbaycan Suriyanın halına düşməz. Heç kim deyə bilmir. Ancaq söyürlər, təhqir edirlər. Yaxşı, dağıdaq, əvəzində nə olsun? Ona görə biz də öz növbəmizdə birmənalı şəkildə bunları pisləyirik. Belə yaramaz, mən öz tərəfimdən bunu pisləyirəm. Bizi də söyürlər, baxmırlar ki, içəridə nə demişik. Başlığı götürürlər, ağızlarına gələni söyürlər, halbuki mətnin içi xalqın, vətənin xeyrinədir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, Əli müəllim, burada bir məsələyə mən münasibət bildirmək istəyirəm, xahiş edirəm, baxasınız. 49.4-cü maddəyə fikir verin. Burada “vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən” ifadəsi var. Biz hamımız bilirik ki, mülki hüquqda vəzifələrin lazımi qaydada yerinə yetirilməsi var, bir də lazımi qaydada yerinə yetirilməməsi. Əli müəllim, “lazımınca” sözünün hüquqi yükü bizə məlum deyil, bizim məcəlləyə yeni gəlib. Biz indiyə qədər Mülki Məcəllədə “lazımi qaydada” yazmışıq, yəni qanunla müəyyən edilmiş qaydada. Bunun hüquqi mənası bizə aydındır. İndi sabah hüquq mühafizə orqanı bunu tətbiq edəndə “lazımınca” sözü nə deməkdir? Buna, xahiş edirəm, baxın. Hər halda bizim məcəllədə indiyə qədər belə gedibdir. Çünki bir yerdə “lazımi qaydada”, digər yerdə “lazımınca” getsə, bu, hüququn tətbiqi prosesində müəyyən qədər çətinlik yaradar. Ona görə, xahiş edirəm, nəzərə alasınız. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsi texniki xarakterlidir. “Elm haqqında” Qanuna və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Ona görə də millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Qeyd olunan qanuna əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, başqa sözlə, valyuta mübadiləsi məntəqələri maliyyə monitorinqinin iştirakçıları siyahısına daxil olmuşdur ki, bu da həmin məntəqələrin xarakterindən, yəni pul vəsaitlərinin dövriyyəsində valyuta əməliyyatlarında iştirakından irəli gəlir. Bu dəyişikliyə uyğun olaraq “Valyuta tənzimi haqqında” Qanuna aşağıdakı məzmunda maddə əlavə edilir: “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidirlər”. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, eyni zamanda, “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır. “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.1-ci maddəsinə görə lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunması yalnız Azərbaycan Respublikasının müvafiq sahəni tənzimləyən qanunları ilə müəyyən olunur.
Qeyd olunan qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmanı nəzərdə tutur ki, bu da həmin qurumların fəaliyyətlərinin səmərəliliyinin artmasına, bəzi lisenziyalaşdırılan sahələr üzrə xidmətlər göstərə bilməsinə yönəlmişdir. Qeyd etmək lazımdır ki, lisenziya və icazələrin alınmasından azadolma bütün fəaliyyət sahələrinə deyil, yalnız onların fəaliyyət istiqamətlərinə uyğun olacaqdır. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin siyahısı qanun qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də Azərbaycan Respublikası Prezidentinin məktubu ilə daxil olub. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində aşağıdakı məzmunda dördüncü hissənin əlavə edilməsi təklif edilir: “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur”. Bu da, deyildiyi kimi, “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırma məqsədi ilə təklif edilib. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. İndi isə, xahiş edirəm, 13-cü məsələyə – Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 83
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Cənab Prezident tərəfindən təqdim olunmuş bu dəyişikliklər bir paket şəklində daxil olub və 15–19-cu məsələləri əhatə edir. Bunların hamısının mahiyyəti uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2015-ci il 28 aprel tarixində biz Şəhərsalma və Tikinti Məcəlləsində düzəliş etdik. Düzəlişin mahiyyəti ondan ibarət idi ki, məlumatlandırma icrasının tətbiq dairəsi genişlənsin, təkcə yaşayış evlərinə deyil, bütövlükdə tikinti obyektlərinə şamil olunsun. Bu çox mütərəqqi bir düzəliş idi. İndi təklif olunan 5 məsələdə, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin özündə, Mülki Məcəllədə, “İcra haqqında” Qanunda və digər iki qanunda da həmin qüvvədə olan qanunun müddəaları, yəni məlumatlandırma icraatı dairəsinin genişləndirilməsi və müddətlərin qısaldılması, misal üçün 10 günün 3 günlə, 6 ayın 30 günlə əvəz olunması və sair mütərəqqi düzəlişlərdir, iki il bundan qabaq qəbul olunub və digər qanunlarda da öz əksini tapmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən belə başa düşdüm ki, o biri məsələləri məruzə eləməyə ehtiyac yoxdur. Yəni hamısının mahiyyəti eynidir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydın oldu. Onda 15-ci məsələyə, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
16-cı məsələyə, Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə əlaqədar qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“İcra haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, səs verək.
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
20-ci məsələ “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Çox hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər qanunun 12-ci və 16-cı maddələrini əhatə edir. 12-ci maddənin ikinci hissəsində “dövlət orqanıdır” sözlərinin “qurumdur” sözü ilə əvəz edilməsi təklif olunur.
16-cı maddənin birinci hissəsinin isə aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır”. Bu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əvvəllər edilmiş dəyişikliklərə uyğunlaşma xarakteri daşıyır. Xahiş edirəm, bu dəyişikliklərə səs verəsiniz.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, bu məsələ ilə bağlı, təbii ki, Azərbaycanda vətəndaşları narahat eləyən ciddi problemlər var. Bildiyimiz kimi, İcbari tibbi sığorta bizdə pilot layihə kimi tətbiq olunur. Amma faktiki olaraq Azərbaycanda əmək müqaviləsi sistemində məsələlər hüquqi istiqamətdə tam çözülməyincə, bunun həllini gözləmək olduqca çətindir. Pilot layihə neçə il, 10 ilmi, 15 ilmi çəkəcək? Adətən, bu layihələr 3–4 ildən artıq çəkmir, sonradan isə ümumrespublika səviyyəsində tətbiq olunur. İnkişaf eləmiş ölkələrdə də bu var. Faktiki olaraq bu gün istər tikinti sektoru olsun, istər başqa sektor olsun, tutaq ki, bir binanı 5 nəfər tikir, 10 nəfər tikir, qalanları müqavilə məsələsi çözülmədiyinə görə, dövlətin bu sahədə sığorta sistemini təkmilləşdirməsi mümkün olmur. Bu, bir reallıqdır, birinci bunu çözmək lazımdır, sonra, bunun ardınca digər məsələlər həll olunmalıdır. Burada imperativ göstəriş verilir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların hamısı bu imtinaya görə məsuliyyət daşıyır. Axı bizdə ən geniş imkanların olduğu vaxtlarda da hamımız görürük ki, vətəndaşların səhiyyə ilə bağlı, sağlıqla bağlı ciddi problemləri var.
Azərbaycanda tibb təhsilinin səviyyəsi xeyli aşağıdır. Özümüzü aldatmayaq. Hətta mənim fikrimcə, artıq Azərbaycan o qərara gəlməlidir ki, alternativ tibb universitetinin açılması üçün Türkiyəyə müraciət etsin, Türkiyədən mütəxəssislər gəlib ayrıca bir universitet açsınlar. Qoy burada rəqabət olsun, rəqabət olmayan mühitdə yaxşı həkimin, yaxşı mütəxəssisin yetişməsi mümkün deyil. Onsuz da burada bitirənlərin hamısını göndəririk oraya, orada mütəxəssis kimi formalaşıb gəlirlər. Bu gün o qədər vətəndaş həkim məsuliyyətsizliyi ilə qarşılaşır ki. Reklamla bağlı ciddi narahatlıq yaradan müəyyən amillər də var. Ona görə də ölkədə vətəndaşların müəyyən mənada maddi imkanlarının aşağı səviyyədə olmasına və xəstəliklərin müalicəsinin çox böyük məsrəflərə başa gəlməsinə görə müəyyən addımlar düşünülməlidir. Yəni məcburi tibbi sığorta Azərbaycanın hər yerində tətbiq olunmalıdır. Başa düşürəm, sahibkarların problemləri var. Sahibkarlara müəyyən məhdudlaşdırmalar var, çoxusu o pulu ödəmək imkanında deyil. Bu pilot layihə üçün 20 faizi müəyyən müəssisələr, qurumlar ödəməliydi, amma yenə də dövlət büdcəsindən ödənilir.
Pilot layihənin gələcəyi ilə bağlı hansı nikbin proqnozu vermək olar? Sadəcə, bunu tətbiq eləmək lazımdır. Mən sizə bir nümunə deyim. Bayaq Ziyafət müəllim qəribliyə saldı. Azərbaycanın əməkdar artisti var, Ənvər Həsənov. 50-dən artıq rolda oynayıb, bu adam 40 ildir əməkdar artistdir. Azərbaycanın bütün toy müğənniləri ya xalq artistidirlər, ya da əməkdar artistdirlər. Bu diferensiasiyaya diqqət eləmək lazımdır. Mən ona görə deyirəm ki, stimullaşdırma varsa da, burada subyektvizm imkan vermir. Müəyyən haqqı çatan adamların, məsələn, Azərbaycan kinosunun xəstəlikdən əziyyət çəkən korifeyinin məcburi tibbi sığortası yoxdur ki, hansısa müalicə ala bilsin, bu insanın şəkərlə bağlı problemləri var. Bizə də müraciətlər olanda insanların qabağına çıxmağa, onlara cavab verməyə imkanımız olmur. Bu baxımdan mən deyirəm ki, bu medaldansa, icbari tibbi sığortanı, maddi təminatı gücləndirmək lazımdır ki, vətəndaş bu sıxıntının içərisində erkən ölməsin, bir az gec ölsün. Çünki böyük əksəriyyət onkoloji xəstəliklərdən, yaxud başqa xəstəliklərdən dünyasını dəyişir. Bu baxımdan da bu məsələ gündəmə gətiriləndə yükü başqa təşkilatların üzərinə qoyunca, dövlət öz üzərinə düşən yükü yerinə yetirməlidir. Müvafiq qurumlar artıq başa düşməlidirlər ki, vətəndaş müalicə xərclərini ödəmək iqtidarında deyil. Böyük əksəriyyət belədir. Kimin imkanı varsa, Türkiyəyə, Almaniyaya gedir. İmkanı olmayanlar da İrana gedirdilər, indi orada da qiymətləri ikiqat bahalaşdırıblar. Bahalaşmaya görə oraya da gedə bilmirlər. Evlərində əlacsız vəziyyətdə sakitcə ölümlərini gözləyirlər. Ona görə bu problem üzərində mütləq düşünməyimiz lazımdır. Yəni bu ölkənin vətəndaşları kimliyindən asılı olmayaraq bizim sərvətimizdir. Birinin imkanı yoxdursa, dövlətin himayəsi olmayanda nə etməlidir?
Hər yanda yazılıb ki, dərmanlar pulsuzdur, ancaq yeri düşəndə həmin dərmanı məcburi şəkildə vətəndaşın özünə aldırırlar. Bir çox tibb müəssisələrində dərman tapılmır. Demirəm ki, bu, nazirliyin günahıdır, ümumən Azərbaycanda bu sahədə müəyyən problemləri çözmək lazımdır. Vətəndaş düşünür ki, bu məsələlər nə vaxt həll olunacaq. Pilot layihə deyirlər, bu pilotla biz nə qədər uçacağıq? Dövlət vətəndaşını qoruma missiyasını həyata keçirməlidir. Türkiyə bunu eləyib, başqa ölkələr eləyiblər, biz nədən eləmirik? Diqqəti çəkmək istədiyim məsələ budur. Ona görə də bu məsələləri, xüsusən icbari tibbi sığortanın Azərbaycanda tətbiq olunması məsələsini çözmək barədə düşünülsün. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Təşəkkür edirəm. Mən istərdim, qeyd edim ki, burada Fazil müəllim müzakirə olunan məsələlərin sərhədindən kənara çıxdı. Tibb təhsili ilə bağlı qaldırdığı məsələyə istərdim, aydınlıq gətirim ki, Fazil müəllim, Siz bu fikirləri söyləyəndə bunları əsaslandırmağa çalışın. Deyirsiniz ki, bu gün Azərbaycanda tibb təhsili yoxdur, səviyyəsi aşağıdır, alternativi yoxdur, gedək, hansısa ölkənin universitetini açaq, ya filialını açaq.
Birinci, tibb təhsili üzrə alternativ universitet var, əgər bilmirsinizsə, bunu öyrənin. Bu gün Tibb Universitetinin həm maddi-texniki bazası, həm kadr potensialı, eləcə də bütün sahələri əhatə edən imkanları var və hazırladığı mütəxəssislərin səviyyəsi də ilbəil artır. Bu gün on milyonluq Azərbaycanın insanlarının sağlamlığının keşiyində duran mütəxəssisləri kim hazırlayıb? Bunların hamısı xarici ölkələrdə hazırlanıb? Bir dəfə Tibb Universitetinə gedin, təhsilin səviyyəsi ilə, maddi-texniki baza ilə, kadr potensialı ilə maraqlanın, onda görərsiniz ki, səviyyə necədir. Bu gün Türkiyədən gələn mütəxəssislər bizim Tibb Universitetinin maddi-texniki bazasına həsəd aparırlar. Belə demək düz deyil. Bilmədiyiniz şeyləri, xahiş edirəm, bir az ehtiyatla deyin.
İkinci, icbari tibbi sığorta ilə bağlı, bilirsiniz ki, pilot layihə həyata keçirilir. Bu gün üçüncü rayon da əlavə olunub. Möhtərəm cənab Prezidentin sərəncamı ilə bu il Ağdaş rayonu da pilot layihə kimi qəbul olunub. Əgər dünyaya fikir versəniz, dünya ölkələri neçə ildə icbari tibbi sığortaya keçib, onda görərsiniz ki, bizdə tibbi sığortaya keçmək üçün pilot layihələrin həyata keçirilməsi elə də uzun müddət deyil. Bizim komitə, Ziyafət müəllim, Sizin də xəbəriniz var, orada iki dəfə səyyar iclas keçirib. Biz hesab edirik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi doğru yoldadır. Bütün fəaliyyətlərini alqışlayırıq və mən əminəm ki, yaxın illərdə bütövlükdə ölkə üzrə tibbi sığorta həyata keçiriləcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, bilirsiniz ki, İnzibati Prosessual Məcəllə inzibati aktlarla bağlı müddətləri də tənzimləyir və təklif olunan dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, icra hakimiyyəti orqanları yanında apellyasiya şuralarına inzibati aktla bağlı şikayət verildiyi halda iddia müddətinin tənzimlənməsi məsələsi öz həllini tapsın. Məqsəd bundan ibarətdir. Hesab edirəm ki, apellyasiya şuraları ilə bağlı qərarların qəbulunda bu çox əhəmiyyətlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bu layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, 2016-cı ildə Vergi Məcəlləsində düzəliş edilib və həmin düzəlişə görə vergi və maliyyə məlumatlarının mübadiləsi ilə bağlı yeni qayda müəyyənləşdirilib. Təbii ki, bu qayda həm də “Fərdi məlumatlar haqqında” Qanunda da öz əksini tapmalıdır. Uyğunlaşdırma xarakterli olduğu üçün səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsində cənab Prezidentin fərmanına müvafiq olaraq ictimai işlər növündə yeni bir cəza müəyyənləşdirildi, qanunvericiliyimizə yeni bir anlayış gəldi. Həmin məcəllədə xüsusi olaraq 154-cü maddədə bunlar öz əksini tapdı. Məhz buna görə də həm 28-ci maddədə, həm də 43-cü maddədə 2017-ci il oktyabrın 20-də qəbul etdiyimiz qanuna uyğun olaraq uyğunlaşdırma aparıldı. Yəni bu maddələrin müəyyən hissələri çıxarılır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə səs verək.
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, bizim iki qanunumuz qalır, hər biri ayrıca qanun layihəsidir. Biri birinci oxunuşda, o biri isə ikinci oxunuşda. İmamverdi müəllim təklif edir ki, biz fasiləsiz işləyək, yekunlaşdıraq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qəbul olundu. Növbəti məsələ Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, ilk növbədə məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycanda daktiloskopik qeydiyyat haqqında qanun mövcuddur və bu qanuna müvafiq olaraq tədbirlər də həyata keçirilib, Prezidentin fərman və qərarları da var. Həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, həm də Daxili İşlər Nazirliyinin müvafiq qurumunun nümayəndələrindən ibarət bir işçi qrupu yaradılıb. Müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən genom qeydiyyatı məsələləri də öyrənilib. Bu baxımdan təqdim olunan layihə həm mövcud olan dövlət daktiloskopik qeydiyyatı və həm də yenilik olan genom qeydiyyatı ilə bağlı məsələləri özündə birlikdə ehtiva edir.
Hörmətli Ziyafət müəllim, məlumat üçün bildirmək istəyirəm ki, məsələnin spesifikliyi nəzərə alınaraq bizim komitə iclası xüsusi təqdimatla keçmişdi, yəni Daxili İşlər Nazirliyinin müvafiq qurumunun, həm də laboratoriya rəhbərinin iştirakı ilə xüsusi təqdimat keçirildi. Ümumi qərar bundan ibarət oldu ki, həqiqətən də, bu qanunun genişləndirilməsi, yenidən qəbul olunması və genom qeydiyyatının da bu qanunda öz əksini tapması zəruridir. Araşdırmalar göstərdi ki, indi hazırda normativ hüquqi aktlara uyğun olaraq əgər bu məsələlər ancaq təlimatlarda öz əksini tapsa, bunun icrası ilə bağlı problem yaranacaq. Çünki genom qeydiyyatı ilə bağlı məsələlər fərdi azadlıqlarla bağlıdır və qanunda əksini tapması əhəmiyyətli olardı.
Hörmətli həmkarlarım, nə üçün bu qanun əhəmiyyətlidir? Çünki hazırda, ümumiyyətlə, genom inkişafı ilə bağlı, DNT kodlarının inkişafı ilə bağlı məlum olan odur ki, həm insanın, həm də bütün bioloji mənşəli materialların hamısı eyni genetik struktura malikdir. Yəni bu üsuldan həm terrorizmə qarşı, həm də mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə istifadə etmək olar. Habelə itkin düşənlərin axtarılması ilə bağlı effektiv nəzarəti də həyata keçirmək mümkündür. Geniş müzakirədən sonra komitədə belə bir qərar qəbul edildi ki, Milli Məclisə layihə təqdim olunsun. Hesab edirəm, əgər biz bu qanunu qəbul edəriksə, sadaladığım bu vacib sahələrdə, yəni cinayətkarlığa qarşı mübarizədə, terrorizmə qarşı mübarizədə, itkin düşmüş şəxslərin tapılmasında qanunvericilik baxımından biz öz töhfəmizi verə bilərik və ümidvarıq ki, müvafiq strukturlar, o cümlədən hüquq mühafizə orqanları, daxili işlər orqanları da bu qanunun tətbiqində fəal olacaqlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli həmkarlar, qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, layihənin müzakirəsi ilə bağlı bu gün bizim iclasımızda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi hörmətli Gündüz müəllim Sadıqov və nazirliyin digər əməkdaşları iştirak edirlər. Onu da deyim ki, Gündüz müəllim nəinki Azərbaycanda, bütövlükdə MDB məkanında bu sahənin çox tanınmış mütəxəssisidir. Əgər suallarınız olsa, Gündüz müəllimə də müraciət edə bilərsiniz. İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Çingiz Qənizadə.
Ç.Qənizadə. Əli müəllim qanun haqqında olduqca ətraflı məlumat verdi. Ona görə bu məsələyə toxunmaq istəmirəm. Sadəcə, yaranmış fürsətdən istifadə edərək bu qanunun hazırlanmasında əsas rol oynayan Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Olduqca vacib bir qanun layihəsidir. Biz də komitə müzakirəsi zamanı bəzi təkliflər vermişdik.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Mən bu gün, hörmətli Sədr, istəyirəm, o təklifi bizim işçi qrupuna bir daha verim. Qanunun 14.1.1-ci maddəsində ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərin genom qeydiyyatından söhbət gedir. Bu, bir az uzundur və eyni zamanda, bəzi cinayət törətmiş şəxslərin kənarda qalmasına xidmət edir. Mən işçi qrupuna təklif edirəm ki, 14.1.1-ci maddənin aşağıdakı redaksiyada verilməsi məsələsini müzakirə eləsinlər. Beləliklə, 14.1.1-ci maddədə belə getsin: “cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş bütün şəxslərin genom qeydiyyatının aparılmasını özündə ehtiva edir”. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Bizim müzakirəyə çıxardığımız bu qanun layihəsi Azərbaycan Konstitusiyasının tərəfdar çıxdığı beynəlxalq aktların tələblərinə uyğundur. Bir sıra hallarda isə demək olar ki, müəyyən dərəcədə onlardan irəli gəlir. O baxımdan Avropa Birliyinə, Şengen zonasına daxil olmaq üçün mütləq bu daktiloskopik qeydiyyat tələb olunur. Eyni zamanda, artıq dünyanın 100-dən çox ölkəsində belə bir qanunvericilik aktları, yəni həm daktiloskopik, həm də genom qeydiyyatları mövcuddur. Birləşmiş Ştatlarında artıq 13 ildir geniş şəkildə tətbiq olunur, Avropanın böyük ölkələri olan Almaniyada, Fransada 11 ildir tətbiq olunur, MDB ölkələrində təcrübə var. Qanunvericilik aktına nəzər salanda hiss olunur ki, beynəlxalq təcrübə də öyrənilib. O cümlədən Qazaxıstan və Rusiya kimi ölkələrin təcrübələri də nəzərə alınıb. Bütövlükdə mükəmməl, aydın və hüquqi bir dildə yazılmış sənəddir. Mən ona görə Əli müəllimə, eyni zamanda, sənədin üzərində işləyən digər həmkarlara təşəkkür edirəm.
Sadəcə, mənim balaca qeydlərim olacaq, onları da ikinci oxunuşda deyəcəyəm. Bir məsələni diqqətə çatdırmaq istəyirəm, elə insanlar var ki, onlar daktiloskopik qeydiyyata uyğun gəlmirlər, mümkünsüzdür, tutaq ki, barmaqları yoxdur və sair. Dünyaya bir az başqa cür gəliblər. Mənə elə gəlir ki, bu cür qeydiyyata götürülməyənlərlə bağlı da maddənin olması lazımdır. Bu qanunun təkmilləşdirilməsi ilə bağlı demək istəyirəm. Əli müəllim qeyd etdi ki, var, o təkmilləşdirilməyə gedilib. İlk baxışda belə təsir yarana bilər ki, burada insanlar üzərində nəzarət mexanizminin gücləndirilməsi və sairdən söhbət gedir. Əslində bu, ilk növbədə insanların öz maraqlarına xidmət edir, cəmiyyətdə cinayətlərin tezliklə açılması baxımından maraqlıdır. Nəzərə almaq lazımdır ki, indi fors-major halların, həm də xarici qaynaqlı fors-major halların, texnogen qəzaların, fəlakətlərin baş verdiyi bir dövrdə yaşayırıq. İnsanların kimliyini müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. O baxımdan da əhəmiyyətlidir ki, burada vətəndaşlığı olmayan əcnəbilərin qeydiyyatı məsələsi var. Son statistikaya görə Azərbaycanda təqribən 110 min bu cür insan var. Bunlar nə işlə məşğuldurlar, necədir, nə cürdür? Bu baxımdan bu sənədi mən əhəmiyyətli sayıram və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, həqiqətən də, bu çox vacib qanundur, uzun müddətdir müzakirə olunur. Mən həm komitəyə, həm də müvafiq nazirliyə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki bu gün dünyada gedən proses çox sürətlə inkişaf edir. Artıq cinayətkarların sərhədi bilinmir. Yeni üsullardan istifadə edirlər. Bunun açılma yollarından biri də məhz DNT analizinin həyata keçirilməsində hüquq mühafizə orqanlarına imkanların yaradılmasıdır. Bu gün böyük cinayətlərin qarşısının alınmasında, eyni zamanda, cinayətlərin vaxtında açılmasında bu qanun bizə çox kömək edəcək.
Mən xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda Daxili İşlər Nazirliyində olan bu idarə çox böyük işlərlə məşğuldur. Eyni zamanda, bir yeniliyi də onlar gətiriblər. Müasir laboratoriyalar var ki, onlardan bir çox Avropa ölkələrində hələ yoxdur. Yəni mütləq şəkildə belə bir qanun bizə lazım idi. Mən Əli müəllimə təşəkkürümü bildirmək istəyirəm. Uzun müddətdir müzakirə olunan məsələdir. Düzdür, bu, spesifik bir sahədir. Amma inanın mənə ki, bu gün dünyada gedən proseslər mütləq şəkildə yeni üsullardan istifadəni tələb edir. Artıq Azərbaycanda həyata keçirilən bu istiqamət digər ölkələrdə də yaxşı təcrübə kimi qəbul olunur. Ona görə mən bir daha bu qanunu dəstəkləyirəm. Daxili İşlər Nazirliyində bu idarəyə uğurlar arzu etmək istəyirəm. Çünki həqiqətən də, bir çox cinayətlərin açılmasında bu üsuldan istifadənin çox böyük əməyi olubdur. Mən inanıram ki, ikinci oxunuşa qədər bütün məsələlər həll olunacaq və biz bu qanunu ikinci oxunuşdan keçirəcəyik. Həmin qanunvericilik istiqamətində görülən işlər haqqında eşidəcəyik. Çox vacib qanun olacaq. Bir daha qanun layihəsini dəstəkləyirəm və zəhməti keçən hər bir insana öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təqdim olunmuş layihəyə mən də, təbii ki, öz dəstəyimi verəcəyəm və komitədə müzakirə zamanı da biz bir çox yeniliklərlə tanış ola bildik. Təbii ki, Daxili İşlər Nazirliyinin fəaliyyəti çox müsbətdir. Kriminalistika sahəsindəki yeniliklər, cinayətkarlığın açılmasında yeni, müasir texnologiyalardan istifadə edilməsi və bu istiqamətdə peşəkar insanların fəaliyyət göstərməsi nəticədə bu cür qanunların ortalığa gəlməsidir. Təbii ki, mən qanunu dəstəkləməklə bərabər, bütün millət vəkillərinə müraciət edirəm ki, biz bu qanuna həm birinci oxunuşda, həm də ikinci oxunuşda daha diqqətlə yanaşaq və dəstəkləyək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafazadə.
A.Mustafazadə. Mən də həmkarlarım kimi bu qanunu dəstəkləmək və bu qanun üzərində işləyənlərə təşəkkür etmək istəyirəm. Onu qeyd etmək istəyirəm ki, həm cinayətkarların, həm itkin düşmüş insanların, həm də terrorçuların axtarışında bu çox böyük əhəmiyyət kəsb edəcək. Belə bir laboratoriya və mütəxəssislərin olmasını da alqışlayıram. Hesab edirəm ki, dünyada cinayətkarlığın qarşısını almaq, miqrasiya proseslərini izləmək və vətəndaşlığı olmayan şəxsləri müəyyən etmək üçün bu, bizim hüquq mühafizə orqanlarımızın və İnterpolun əlinə çox vacib bir imkan verəcək. Mən hüquq mühafizə orqanlarına, bizim hüquq komitəsinə belə bir qanun layihəsinin hazırlanması ilə bağlı təşəkkürümü bildirirəm və mütləq qanun layihəsinə öz dəstəyimi göstərəcəyəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova. Sualınız var?
E.Axundova. Oqtay müəllim, mənim bir sualım var idi. Sadəcə, gördüm ki, mənim adım çıxır gedir, çıxışa yazıldım. Mən də bu qanunu dəstəkləyirəm, çox xoşuma gəldi. Əvvəla, bu qanun bizim informasiya-kommunikasiya texnologiyalarının yüksək səviyyədə olmasını göstərir ki, biz bu barədə ayrıca qanun qəbul edirik. Yəni biz bu sahədə addımlar atmağa tam hazırıq.
İkincisi, mən filoloqam. Düzdür, rusdilliyəm. Amma mənim qanunun dilindən çox xoşum gəldi. Bu qanun çox sadə, şəffaf və gözəl dildə yazılıb. Məsələn, bəzi qanunları oxuyursan, onları qavramaq çox çətindir. Amma bu qanunla bağlı məndə heç bir sual yaranmadı. Çox gözəl bir dillə yazılıb. Yeganə sualım ondan ibarətdir ki, burada, maddə 8-də könüllülərdən söhbət gedir. Könüllü dövlət daktiloskopik qeydiyyatı olanlardan, bir də könüllü genom qeydiyyatı olanlardan rüsum götürülür. Deməli, bu, pulludur. Bu, məntiqlidir. Amma məcburi dövlət daktiloskopik və məcburi genetik ekspertiza olanda necə, bu, pulsuz olacaq? Buna görə kimsə pul ödəməyəcək? Bəlkə bu barədə biz yazaq, qanunda qeyd edək, camaat üçün də bəlli olsun. Sualım bundan ibarətdir ki, məcburi ekspertiza pulsuzdur, ya yox? Bu, dövlətin hesabına olacaq, ya necə? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yəqin, Elmira xanım, ikinci oxunuşda Sizin bu suala cavab verərlər. Əgər başqa təklif yoxdursa, birinci oxunuşda, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, sonuncu məsələdir, yəqin, tənəffüssüz işləyəcəyik. Peşə təhsili haqqında qanun layihəsi. İsa müəllim, ikinci oxunuşdur, xahiş edirik, əsas məqamlara toxunasınız.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuşda təqdim olunur. Ondan başlamaq istəyirəm ki, birinci oxunuşda millət vəkillərindən bəziləri peşə təhsili mərhələsində azərbaycançılıq tərbiyəsinin ayrıca maddədə ifadə olunmasını lazım bilməmişdilər. Bu gün Avropada oturub xalqımızı söyənlərin, dövlətimizə, millətimizə, torpağımıza iftira atanların, heç şübhəsiz ki, ya ümumiyyətlə, tərbiyəsində, ya da təhsilində azərbaycançılıq amili, milli-mənəvi dəyərlər qarşısında məsuliyyət hissi yoxdur. Məhz bunun nəticəsidir ki, özlərini dərk etməyən, millətini dərk etməyən, xalqın qarşısında məsuliyyətini dərk etməyən bu cür tərbiyəsiz adamlar xaricdəki bəzi dairələrin muzdlu nökərləri qismində çıxış edərək ölkəsinə və xalqına böhtan atırlar. Hesab edirəm ki, belə qüvvələr ermənilərin və ermənipərəst qüvvələrin təsiri altında olan, onların tərəfində dayanan, öz millətinə aid olmayan adamlardır. Seçkiqabağı təşviqatda xalq arasında bu adamlara qarşı münasibəti görərək belə deməyi özümə borc bilirəm ki, xalq elə adamları nəinki qəbul etmir, əksinə, onlara birmənalı şəkildə nifrət edir. Onlar sözün əsl mənasında nifrətəlayiqdirlər. Ona görə biz həm “Elm haqqında” Qanunda, həm “Məktəbəqədər təhsil haqqında” Qanunda, həm də Peşə təhsili haqqında qanun layihəsində azərbaycançılıqla bağlı müddəalardan nəinki bir sözü, heç bir hərfi də ixtisar etmək fikrində deyilik.
Millət vəkilləri bundan əvvəlki müzakirədə qanun layihəsində dövlət sektoruna çox yer verildiyini, özəl sektorun isə nisbətən az yer tutduğunu göstərmişdilər. Bu, haqlı iraddır, biz bunun üzərində düşündük. Yeni mətnə baxsanız, ən müxtəlif maddələrdə özəl sektorun və bələdiyyə təhsilinin mövqeyinin inkişaf etdirilməsinə, genişləndirilməsinə dair müddəalar artıq burada öz əksini tapmışdır. Bəzi ümumi maddələrdə qruplaşmaya və ixtisarlara olan zərurət haqqında təklifləri də qəbul etmişik. Dövlətin məqsəd və vəzifələri, peşə təhsilinin ümumi məqsəd və vəzifələri olan yerlərdə zəruri ixtisarlar və qruplaşdırmalar aparılmışdır. Tədris dilinin daha aydın yazılması ilə bağlı təklifi də birmənalı dəstəkləyirik. Qanunda yazılıb ki, tədris dili dövlət dilidir, yəni Azərbaycan dilidir, lakin dövlət dilinin üstünlüyünün qorunub saxlanması şərtilə digər dillərdə də təhsil aparıla bilər. İndiki mətn bu mövqeyi tam aydın şəkildə ifadə edir. Peşə məktəblərinin nəzdində istehsalat sahələrinin yaradılması haqqında çox faydalı təkliflər irəli sürülmüşdür. Doğrudur, qanun layihəsində bu, ümumi şəkildə öz əksini tapmışdı, amma burada konkret müddəalar yox idi. 23.2-ci və 23.3-cü maddələrə artırılan ifadələr, sözlər peşə təhsili müəssisələri nəzdində müvafiq istehsalat və xidmət sahələrinin yaradılmasına təminat verən müddəalardır. Bu fikir dəstəklənmişdir.
Eyni zamanda, informal peşə təhsili haqqında deyilən məsələ barədə də mövqeyimiz belədir. İnformal peşə təhsili haqqında millət vəkillərinin bəziləri o fikirdədirlər ki, sərbəst usta yanında müstəqil peşə öyrənənlər axırda sənəd, sertifikat əldə edə bilmədikləri üçün bunların işə götürülməsində problem yarana bilər. Ona görə, bu, qanun layihəsindən çıxarılmalıdır. Biz bunun tərəfdarı deyilik, çünki bunun minillik ənənəsi var. Peşə məktəblərinin hələ mövcud olmadığı dövrlərdə peşəkar usta yanında şagirdlər olurdu, onlar ustadan sənət öyrənirdilər. Bu ənənədən xalqı məhrum etmək olmaz. Onların işə götürülməsinin də özünəməxsus qaydaları var, onlar işə götürülən zaman müvafiq icra hakimiyyəti və yaxud da işə götürən müəssisə onları təcrübəli ustanın təqdimatı ilə işə götürür. Müsahibə aparmaqla və yaxud da sınaq müddətinə işə götürməklə onların fəaliyyəti tənzimlənə bilər. Ona görə biz informasiya əsrində peşə təhsili verməyimizi ənənələrimizə hörmət və bugünkü günümüzün reallığı mənasında vacib hesab edirik.
Peşə təhsilinin strukturu haqqında da müəyyən fikirlər irəli sürüldü. Xüsusən peşə təhsilinin 3 pilləli səviyyəyə malik olmasının lüzumsuz olduğu qeyd olundu. Onu deyim ki, əgər təhsil sisteminə dərin nəzər salsaq, aydın görünər ki, ümumiyyətlə, bizim təhsilimizdə və dünya təhsilində, bütün mərhələlərdə, əsasən, 3 pilləli sistem, 3 səviyyəli sistem tətbiq olunur. Orta məktəbə baxın, ibtidai təhsil, tam orta təhsil, ümumi təhsil. Ali məktəbə baxaq, bakalavriatura, magistratura, doktorantura. Peşə təhsili də təhsilin bir mərhələsidir. Biz ona görə onun 3 səviyyədə olmasını məqsədəuyğun hesab edirik. Yəni ilk peşə təhsili, peşə liseyi və yüksək texniki peşə təhsili. Bu, tamamilə məntiqidir, gələcəkdə inkişafı və mövcud reallığı aydın şəkildə ifadə edir.
Burada millət vəkilləri haqlı olaraq qeyd etmişdilər ki, istehsalat təcrübəsi zamanı təhsil alanlara əmək haqqının həmişə verilməsi real deyildir, çünki bu şəbəkə inkişaf edir, minlərlə gənc istehsalata gedəcəkdir. İstehsal müəssisələri əmək haqqı verməli olsalar, bunların istehsalat təcrübəsi keçməsinə maraqlı olmazlar. Məsələni dərindən araşdırdıq. Yalnız o halda istehsalat təcrübəsi keçən peşə təhsili müəssisəsinin tələbəsinə, müdaviminə müəssisə tərəfindən əmək haqqı verilir ki, təhsil alanla müəssisə arasında onun işə müvəqqəti, 3 aylıq, 5 aylıq, 6 aylıq təcrübə müddətində işə götürülməsi haqqında müqavilə imzalanmışdır və onlar artıq işçi kimi istehsalat sahəsində əmək fəaliyyətinə başlamışlar. Belə müdavimlər, belə təhsil alanlar peşə təhsili alanların üçdə birindən daha az hissəsini təşkil edirlər və bəzi müəssisələr bunda maraqlıdırlar. Çünki həmin müdavimləri özlərinə daimi işə qəbul edirlər və onlara minimum əmək haqqı səviyyəsində əmək haqqı verirlər, bunda müəssisənin özünün də marağı vardır. Bu, ümumi işin də xeyrinədir. Ona görə də biz bu maddənin də saxlanmasını məqsədəuyğun hesab etdik.
Mən bütövlükdə Peşə təhsili haqqında qanun layihəsinin təkmilləşdirilməsinə dair fikir və mülahizələrini bildirmiş deputat həmkarlarıma, Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə, komitədə bu işin təkmilləşdirilməsində zəhmət çəkmiş həmkarlarıma, işçi qrupuna minnətdarlığımı bildirirəm, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu, ikinci oxunuşdur. Ona görə, ilk növbədə əsas kimi qəbul etməliyik. Xahiş edirəm, ikinci oxunuşda qanun layihəsinə əsas kimi münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 74
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 74
Nəticə: Yetərsay yoxdur
97 nəfərdir, dəvət edin, gəlsinlər. Xahiş edirəm, bir də səsvermədən keçək.
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 91
Nəticə: Qəbul edildi
Sağ olun, qəbul edildi. Buyursun Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Bu, olduqca vacib bir qanundur və heç şübhə etmirəm ki, bir-iki ildən sonra onun təcrübi əhəmiyyətini dərk edəcəyik. Mənim məlumatıma əsasən Davos Forumunda Azərbaycana peşə təhsili sahəsində aşağı qiymət verilib. Əgər yuxarı qiymət verilsəydi, bəlkə də Azərbaycanın yeri daha yüksək olardı. Ona görə çox ciddi bir məsələdir. Amma bir şeyi mən özüm üçün burada aydınlaşdırmaq istərdim. Mən tam başa düşə bilmirəm ki, bu peşə təhsili ümumtəhsil sisteminin bir hissəsidir, ya müstəqil təhsildir? Doğrudur, burada ümumi və tam orta təhsil bazası əsasında aparılması qeyd olunur. Amma mənə elə gəlir ki, bunu aydın yazmaq lazımdır.
İkinci, burada nəyi duydum? Burada, eyni zamanda, sovet təhsili sistemi ənənələrinin davamını gördüm. Deməli, mənim yadımdadır, Makarenko uşaq müəssisələrində xüsusi bir tədris və təhsil sistemini otuzdurmuşdu və öz əsərlərində bunu göstərirdi, sonra Uşinski bunu inkişaf etdirdi. Azərbaycanda da bu sahəni Danielson, Muradxanov inkişaf etdirdi, pedaqoji sahəyə öz təcrübələrini, elmi nəzəriyyələrini gətirdilər. Burada bunun da davamı görünür, hiss edirəm.
Amma bir neçə məsələni də nəzərə çatdırmaq istəyirəm. Çünki sovet təhsil sisteminə görə bu, Rusiyadan gələn bir ənənə idi. Azərbaycanda bu təhsil sistemi 3 hissədən ibarət idi. Təlim, tərbiyə, tədris. Açıqca bilinir ki, bu, ayrı-ayrılıqda təhsilin 3 tərkib hissəsidir. Ancaq mənim başa düşmədiyim bir sıra məsələlər var. Hörmətli İsa müəllim də burada doğru olaraq qeyd etdi ki, peşə təhsili müəssisələrində tədris Azərbaycan dilində olacaq. Amma 6.2-ci maddədə yazılır: “Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərtilə digər dillərdə də aparıla bilər”. Bəlkə tədris və təhsilin fərqli olduğunu düşünməsəydim, deyərdim, mexaniki səhv düşüb. Axı tədrisin burada tərifi yoxdur. Təhsilin tərifi var, deyək, təlimin də haradasa tərifi var, tədrisin tərifi yoxdur ki, mən ayırd edə bilim, bunlar eyni şeylərdimi, ya ayrı şeylərdimi. Bu necə ola bilər ki? Yəni heç olmasa, ya təhsil olmalıdır, ya da tədris olmalıdır. Yəqin, bu nəzərə alınar.
Toxunmaq istədiyim digər bir məsələ var. Misal üçün, deyək ki, 1.1.18-ci maddədəki pedaqoji şura məsələsi. Yenə də bizim köhnədən qalan bir məsələdir. O, təlim-tərbiyə və metodiki işlərin, həmçinin istehsalat fəaliyyətinin əsas məsələlərini müzakirə edən və daim fəaliyyət göstərən ali idarəetmə orqanı kimi göstərilir.
Sonra, burada bir sıra maddələr var. Misal üçün, 7.2-ci maddə. Burada tərbiyənin nə olduğunu mən yenə də ayırd edə bilmədim. Yəni köhnədən biz bilirdik ki, orta məktəblərdə, hətta əxlaqdan da qiymət verirdilər. O vaxt, deyək ki, tərbiyə nə idi? O vaxt kommunizmin əxlaq kodeksi var idi, bilirdik ki, böyüyə hörmət müəyyən tərbiyə elementidir. Amma indi elə deyil, avtobusda deyəndə ki, dur, qocaya yer ver, deyir, mənim də hüququm var, niyə hüququmdan imtina edim? Mənimki də budur, mənim tərbiyəm daha doğrudur. Yəni tərbiyənin nə olduğunu mən tam ayırd edə bilmirəm. Çünki qanunvericilikdə də bunun üçün müəyyən aydınlıqlar olmalıdır. Mən belə düşünürəm.
Başqa məni narahat edən maddə 12-ci maddədir. Biz bilirik ki, burada peşə təhsili müəssisəsinin təsisçisinin xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də ola bilməsi nəzərdə tutulub. Yaxşı, tamamilə doğru olaraq, burada milli-mənəvi dəyərlərimizdən danışırıq və bu, peşə təhsili sistemində oturuşub. Ancaq bir şeyi başa düşmürəm. Bu xarici təsisçiyə necə tələb qoymaq olar ki, misal üçün, o, azərbaycançılıq ideologiyasına mütləq əməl etsin. O deyir, mən Azərbaycan vətəndaşı deyiləm və bunu təmin etmək də hüququm deyil. Yaxud milli-mənəvi dəyərlər. Bəlkə xüsusi bir maddə əlavə edək ki, təsisçiliyindən asılı olmayaraq Azərbaycan vətəndaşı olmayan şəxs azərbaycançılıq ideologiyasını və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təmin etməyə borcludur. Heç olmasa, bu vəziyyətdə mən elə hesab edirəm ki, daha kamil bir sənəd ola bilərdi. Demək, bu məsələlər var. Bir də 24-cü maddənin adına diqqət yönəltmək istəyirəm: “Peşə təhsilində dövlət-özəl əməkdaşlığı”. Dövlət, deyək ki, isimdir, özəl isim deyil axı. Bəlkə burada dövlət və özəl qurumlar arasında əməkdaşlıq nəzərdə tutulur? Ona görə, heç olmasa, burada “peşə təhsilində dövlət və özəl qurumların əməkdaşlığı” kimi olsa, daha yaxşı ola bilər. Bütövlükdə qanun çox ciddi əhəmiyyətə malikdir, çox böyük əziyyət çəkilib. İsa müəllimə də təşəkkür edirəm. Qanun layihəsinə səs verəcəyəm, amma bu məsələlərin nəzərə alınmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Əgər etiraz yoxdursa, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tahir Rzayev.
T.Rzayev. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Bu qanunun əhəmiyyəti haqqında istər birinci oxunuşda, istərsə də bu gün deputat həmkarlarımın dediklərinə mən də tərəfdaram. Həqiqətən də, ölkənin inkişaf etdiyi, yeni sahələrin yarandığı bir dövrdə Azərbaycanda peşə təhsilinə ehtiyac çox böyükdür və qanun da, sözsüz ki, bu zərurətdən meydana gəlib. Qanun mükəmməl hazırlanıb, ətraflıdır. Xüsusilə əsas anlayışlarda bir çox alınma sözlərin qarşılığının açılması, eləcə də bəzi sözlərin öz dilimizdə ifadə edilməsi hörmətli İsa müəllimin, habelə komitə üzvlərinin səylərinin nəticəsidir və bu da qeyd olunmalıdır. Bir çox anlayışlar var ki, onlar bizim öz dilimizdə verilib. Xüsusilə bu “kurikulum” sözü uzun müddətdir ki, insanlar tərəfindən başa düşülən deyildi, açığını deyim. Bəzən müəllimlər də bunu ifadə etməkdə çətinlik çəkirlər. Ancaq əlbəttə ki, bunun burada peşə təhsili proqramı kimi verilməsi və anlayışının geniş açılması təqdirəlayiq bir hal kimi deyilməlidir. İsa müəllim vətənpərvər bir insandır, bu qanun da o vətənpərvər hislərlə doludur.
Amma burada bəzi maddələr var ki, elə bilirəm, fikirlər üst-üstə düşür, təkrarlanır. Ona görə də həmin maddələrin yığcam yazılmasına, konkretləşdirilməsinə ehtiyac var. Misal üçün, 7.3.1-ci maddədə yazılır: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. 7.3.6-cı maddədə yazılır: “milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq”. 7.3.7-ci maddədə yazılır: “təhsilalanların əqli, fiziki və yaradıcı potensialının mədəni səviyyəsinin inkişafını, psixoloji dayanıqlığını və şəxsiyyətini formalaşdırmaq”. Elə bilirəm ki, bu ifadələr yüksək bir pafosla yazılıb və peşə təhsili sisteminin tələblərindən müəyyən qaydada kənara çıxır. Ona görə də bunların birləşdirilməsinə ehtiyac var.
Digər tərəfdən, qanunun 10-cu maddəsində bələdiyyə və özəl peşə təhsili müəssisələrinin yaradılmasına geniş yer verilməsini mən də təqdirəlayiq hesab edirəm. Elə bilirəm ki, bununla əlaqədar bələdiyyələrə də əlavə imtiyazlar yaradılmalıdır. Qanunun 10-cu maddəsində bu dəstək öz əksini tapır, yəni orada “dövlət özəl peşə təhsili müəssisələrinin inkişafını dəstəkləyir” ifadəsi verilir. Yaxşı olar ki, bu maddəyə “bələdiyyə” sözü də əlavə edilsin, yəni “dövlət özəl və bələdiyyə peşə təhsili müəssisələrinin inkişafını dəstəkləyir” olsun. Bu gün bizdə Azərbaycan xalqına xas olan bir çox peşələr var, xalçaçılıq, dərzilik, aşpazlıq, döymə və toxuma sənəti var. Elə bilirəm, burada xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən peşələrin öyrənilməsini təmin etmək barədə bir maddə də yazılsa, yerinə düşmüş olardı. Ümumiyyətlə, qanun çox mütərəqqidir, əhatəlidir və mən onun qəbuluna səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bir müddətdir, biz bu qanunu müzakirə edirik. Mən İsa müəllimə və komitə üzvlərinə təşəkkürümü bildirmək istəyirəm ki, bizim əksər təkliflərimiz burada öz əksini tapıb. Birinci oxunuşda da biz bunu müzakirə edəndə əsas ondan danışırdıq ki, bu gün ali təhsillə peşə təhsilinin fərqi məhz peşə təhsilinin daha çox kütləvi şəkildə yayılmasıdır. Düzdür, müəyyən illərdə peşə məktəblərinin səviyyələri və ümumiyyətlə, peşə məktəblərinin bazası çox zəif idi, amma son illərdə cənab Prezidentin bu sahəyə xüsusi qayğısı var və bu sahədə artıq ciddi irəliləyişlər əldə olunub. Eyni zamanda, qanunun fəlsəfəsi də ondan ibarətdir ki, biz bu gün dövlət olaraq müəyyən çərçivələr yaradırıq. Amma peşə məktəblərinin fəaliyyəti, onların inkişafı birbaşa həmin məktəblərin idarəetmə strukturunda olan qurumlarla və eyni zamanda, beynəlxalq təcrübəni buraya gətirməklə bağlıdır. Artıq belə bir təcrübə var.
Bu yaxınlarda Təhsil Nazirliyinin təşəbbüsü ilə çox gözəl və müasir beynəlxalq şəbəkəyə daxil olan peşə məktəbi açıldı. Geniş təcrübədən istifadə edən bu peşə məktəbinə artıq böyük bir maraq var. Bizim məqsədimiz o olmalıdır ki, bizim gənclərimiz səmərəli məşğul olsunlar. Səmərəli məşğulluğun birinci və ən vacib şərtlərindən biri də odur ki, bizim gənclərimiz müəyyən təhsil pilləsinə çatsınlar. Bizim gənclərimiz savada, biliyə, xüsusən də bacarığa nə qədər çox nail olsalar, o qədər də digər lazım olmayan işlərdən uzaq olarlar. Ona görə də dövlətin, təbii ki, öhdəliyi böyükdür. Amma eyni zamanda, cəmiyyətin və deyərdim ki, böyük şirkətlərin də məsuliyyəti mütləq olmalıdır. Əgər biz istəyiriksə ki, bizim həm özəl qurumlarımız, həm dövlət qurumlarımız, eyni zamanda da, cəmiyyətimiz bu prosesdə iştirak eləsin, bu qanun buna imkan verəcək. Çox böyük iş aparılır və mən bilirəm, bəzi məsələlər var ki, bunların müzakirəyə ehtiyacı var. Bizim İsa müəllimlə söhbətimiz olub və bəzi məsələləri müzakirə etmişik. Amma yenə də İsa müəllimə və komitəyə təşəkkürümü bildirmək istəyirəm ki, çox böyük iş görülüb, Milli Məclisin Aparatı da böyük iş görüb. Yəni həqiqətən də, peşə təhsili mürəkkəb bir sahədir.
Bu gün iki yanaşma mövcuddur. Beynəlxalq təcrübəyə, şəbəkəyə daxil olan peşə məktəbləri var. Alman sistemi də mövcuddur. Hansı ölkəyə hansını tətbiq etmək isə artıq cəmiyyətin sifarişi ilə olmalıdır. Bizdə belə istiqamətlər var ki, o istiqamətlərin işinə böyük ehtiyac var. İsa müəllim çıxışında da vurğuladı, elə istiqamətlər var ki, onlar Azərbaycan üçün yenidir. Amma biz beynəlxalq təcrübəyə əsaslanaraq bunu həyata keçirə bilərik. Eyni zamanda, Təhsil Nazirliyinin həyata keçirdiyi siyasət də ondan ibarətdir ki, bir tərəfdən müstəqillik təmin olunmalıdır, yəni ali məktəblər və peşə məktəbləri indi artıq bu siyahıya daxil olublar, ikinci tərəfdən isə təbii ki, dövlətin öhdəliyi olmalıdır. Yəni bu gün hər hansı bir tələbənin, şagirdin problemi olanda birbaşa dövlət strukturuna müraciət edə bilməlidir. Ona görə də peşə məktəblərinin özəl olması ilə bağlı burada xüsusi yanaşma var. Bu çox müsbət yanaşmadır. Bizim təkliflərimiz də bununla bağlı idi və mən inanıram ki, gələcəkdə bu istiqamətdə təkmilləşmiş mütəxəssislər olandan sonra biz bu qanunu daha da təkmilləşdirəcəyik. Mən bu qanunu dəstəkləyirəm və həmkarlarımı da dəstəkləməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Rəşad Mahmudovun sualı var, buyurun.
R.Mahmudov. Təşəkkür edirəm, cənab Sədr. Mən də sualımı verməzdən əvvəl Peşə təhsili haqqında hazırlanmış bu qanuna səs verəcəyimi və əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Mən fürsətdən istifadə edib bir mövzu ətrafında İsa müəllimin fikirlərini öyrənmək istəyirəm. Bu peşə təhsillərindən biri də orta tibb təhsilidir və unutmayaq ki, ölkəmizdə bu gün 60 min orta tibb təhsilli işçi var. Bir az əvvəl peşələrdə bəlli kateqoriyaların olması ilə əlaqədar düşüncələr və beynəlxalq təcrübədə olan fikirlər səsləndirildi. Amma əfsuslar olsun ki, bu gün Azərbaycanda orta tibb işçilərinə qanun tərəfindən baxış dünyada qəbul olunmuş standartlarda deyil və biz faktiki həyatımızda da bunun şahidi oluruq. Bakalavr təhsili kimi orta tibb təhsilinin hazırlanması və gələcəkdə magistratura, aspirantura və doktorantura mərhələlərinin olması ilə əlaqədar gələcək fikirlərinizi öyrənmək istərdim. Çünki bu təcrübə bu gün tibb xidmətinə inandığımız bütün ölkələrdə artıq uzun müddətdən bəridir tətbiq və qəbul olunur. Çox sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elşad Həsənov.
E.Həsənov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün ikinci oxunuşda müzakirə etdiyimiz peşə təhsili haqqında qanun layihəsini təkmilləşdirilmiş və son yenilikləri nəzərə alan bir sənəd adlandırmaq olar. Bu qanunun Azərbaycanın peşə təhsilinin inkişafına yeni töhfə verəcəyinə əminəm. Xüsusən iqtisadiyyatımızın diversifikasiyasının və elmi potensialımızın stimullaşdırılmasının tələb olunduğu bir məqamda bu sənəd xüsusi əhəmiyyət kəsb edir. Peşə təhsili haqqında qanun layihəsi bütövlükdə Azərbaycanda peşə hazırlığının səmərəliyinin artırılmasını, rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutur. İndi qarşımızda dayanan əsas məsələlərdən biri də müxtəlif və yeni peşə sahiblərinin əmək bazarına daxil olmasına münbit zəmin yaratmaqdır. Bildiyimiz kimi, dünyada neft qiymətlərinin qeyri-sabitliyi və alternativ enerji mənbələrinin aşkar edilməsi ilə əlaqədar biz artıq postneft dövrünə qədəm qoymuşuq. Bu baxımdan cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq iqtisadiyyatımızın enerji sektorundan asılılığı azaldılıb. Belə bir şəraitdə ölkəmizin yaradıcı potensialı qabarıq şəkildə ön plana çıxır. Yeni və daha ixtisaslı peşə sahiblərinə ehtiyac duyulur.
Hörmətli İsa müəllim qanun layihəsini təqdim edəndə bizə ətraflı məlumat verdi. Həm qanun layihəsinin birinci oxunuşunun təqdimatı, həm də bugünkü təqdimatla bağlı mən onu vurğulamaq istəyirəm ki, qanun layihəsi mükəmməl hazırlanıb, çox vacib bir qanundur. Bu qanun ətrafında öz fikirlərimi bildirmək istəyirəm. İlk növbədə onu vurğulamaq istəyirəm ki, qanun layihəsi ölkənin inkişafı və rifahını yüksəltmək məqsədi ilə müxtəlif növ peşə hazırlığını nəzərdə tutur. Sənəddə peşə təhsilinin quruluşu, pillələri və müddəti qeyd olunub. Layihənin daha bir məqsədi peşə təhsilinin maliyyələşdirilməsini təmin etməkdir. Bildiyimiz kimi, müasir dünyada peşə təhsili iqtisadiyyatdan kənarda dayanmır və elmi nailiyyətlərin tətbiqi ilə gəlir gətirən bir sahəyə çevrilir. Layihədə peşə təhsili sahəsində dövlətin əsas prinsipləri, vəzifələri, həmçinin dövlət standartları da təsdiq olunur. Həmçinin sənəddə qeyd olunur ki, peşə təhsilinin məqsədi xalqına sadiq olan, yaradıcı düşünən vətəndaşlar yetişdirməkdir. Düşünürəm ki, yaradıcı tərzdə düşünə bilən vətəndaşların yetişdirilməsi bizim cəmiyyəti yalnız irəli aparacaq. Belə ki, cəmiyyətimizə öz peşəsinin ustası olan böyük mütəxəssislər də tələb olunur. Əminəm ki, müzakirə etdiyimiz bu qanun layihəsi bütün bunlara əsaslı töhfə verəcək. Onu da qeyd etmək istəyirəm ki, bu qanun layihəsi peşə təhsilinin maliyyələşməsi, işçilərin sosial müdafiəsi, gənclərin peşə təhsilinə meyil etməsi istiqamətində əhəmiyyətli bir rol oynayacaq.
Bu gün ikinci oxunuşda müzakirə etdiyimiz bu qanun layihəsi peşə təhsili sahəsində innovasiya və sahibkarlıq fəaliyyətini də nəzərdə tutur. Layihədə bildirilir ki, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün peşə təhsili müəssisələrinin nəzdində müvafiq istehsalat və xidmət sahələri də yaradıla bilər. Düşünürəm ki, bu məqam kifayət qədər mühüm amildir və ölkəmizdə peşə yeniliklərinə, innovasiyalara yeni stimul verəcək. Ümumiyyətlə, bu gün müzakirə etdiyimiz Peşə təhsili haqqında qanun layihəsi müasir dövrün çağırış və inkişaf ənənələrini nəzərə alır. Mən fürsətdən istifadə edərək bu qanun layihəsinin hazırlanmasında əziyyəti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm və həmkarlarımdan bu qanun layihəsini dəstəkləmələrini xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun, Ziyafət müəllim. Biz bu qanun layihəsinin əhəmiyyəti haqqında çox danışmışıq. Hesab edirəm ki, bu gün bu haqda təkrarən danışmağa heç bir ehtiyac yoxdur. Nəzərə alaq ki, biz komitə iclasında bu qanun layihəsinin ikinci oxunuşa çıxarılması ilə bağlı geniş müzakirələr keçirmişik. Mən bu gün deyə bilərəm ki, orada millət vəkillərinin dedikləri bəzi tövsiyələr və iradlar, əsasən, nəzərə alınıb. Bu gün bizə təkmil bir qanun layihəsi təqdim olunub və Milli Məclisin müzakirəsinə çıxarılıb. Təbii ki, mən bu qanun layihəsini dəstəkləyəcəyəm və müsbət səs verəcəyəm. Həmkarlarımı da qanun layihəsini dəstəkləməyə dəvət edirəm. Amma bəzi məsələlər var ki, hesab edirəm, onlara üçüncü oxunuşda baxmaq lazımdır. Müəyyən fikir mübadiləsi etməyə ehtiyac var.
İlk öncə demək istərdim ki, millət vəkillərindən bəziləri, adlarını çəkmək istəmirəm, qanun layihəsi ilə bağlı bəzi fikirlər söylədilər. Demək istəyirəm ki, qanun layihəsinin strukturu tamamilə “Təhsil haqqında” Qanunun strukturuna müvafiqdir və bu gün bu sahədə baş verən bütün yenilikləri özündə əks etdirir. Hətta mən deyərdim ki, bu sahədə bəlkə də bir çox ölkələrin qanunvericiliyini bir qədər də qabaqlamış oluruq. Təbii ki, Azərbaycanımız, iqtisadiyyatımız sürətlə inkişaf edir, yeni iş yerləri açılır və peşə təhsili üzrə mütəxəssislərə böyük tələbat var. Buna görə də qanunun bu ruhda yazılması, bu yanaşma təqdirəlayiqdir.
1–2 məsələni xüsusi qabartmaq istərdim. Biz “Təhsil haqqında” Qanunda Azərbaycan təhsilinin strukturunu müəyyənləşdirmişik. Yadınızdan çıxmasın ki, “Təhsil haqqında” Qanunu biz vaxtilə “təhsilin konstitusiyası” da adlandırmışdıq. Ona görə də bizim hazırladığımız bu sahəvi qanunlar mütləq o qanuna istinad etməlidir. Artıq təsbit etdiyimiz bəzi maddələr var ki, onların dəyişilmiş formada əks etdirilməsinə, hesab edirəm ki, ehtiyac yoxdur. Əgər biz ilk peşə təhsili pilləsini artıq peşə təhsili ilə dəyişdiririksə, – bayaq deputat həmkarımız da tibbi təhsillə bağlı gözəl dedi, – belə çıxır ki, 3 səviyyədən ibarət yüksək texniki peşə təhsili haradasa subbakalavr səviyyəsində kadr hazırlığını həyata keçirəcək. Bu o deməkdir ki, peşə təhsili artıq orta ixtisas təhsilinə də nüfuz edir və yaxud da onu əvəz edir. Bu barədə bir qədər dəqiqləşdirmə aparmaq lazımdır. Biz növbəti qanun layihəsini, orta ixtisas təhsili haqqında qanun layihəsini hazırlamalıyıq. Orada təkrarçılığa yol verilməməlidir.
Hörmətli Ziyafət müəllim, mən diqqətinizi bir məsələyə də çəkmək istəyirəm. O da əsas anlayışlar və müddəalardır. Təbii ki, burada nəzərdə tutulan anlayışlar bu qanunda istifadə olunan anlayışlardır, yəni bu qanuna aid edilir. Sizə 1–2-sini oxumaq istəyirəm. Akkreditasiya, attestasiya, ixtisas, ilk peşə təhsili, inklüziv təhsil, laboratoriya, innovasiya, peşə, təhsilin dövlət standartı, təhsil proqramı (kurikulum). Bunlar hamısı “Təhsil haqqında” Qanunda yazılıb, təsbit olunub, artıq qanunvericilikdə öz hüququnu alıb, neçə ildir ki, biz onlardan istifadə edirik. Bəzən bizim yadımızdan çıxır. Deputat həmkarlarımın da, yəqin, yadından çıxıb ki, bu qanun 2009-cu ildə qəbul olunub. “Kurikulum” sözü ilk dəfə orada istifadə olunub, başqa fikirlər də var idi. Açıq-aydın yazılıb. Bunu təzədən buraya anlayışlar...
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu qanunu dəstəkləyirəm və hörmətli həmkarlarımın dediyi fikirlərlə razıyam ki, qanun, doğrudan da, çox vacib bir qanundur. Nəzərə alaq ki, hazırda ölkəmizdə müasir texnika və texnologiyalara əsaslanan müəssisələr, sənaye parkları, aqroparklar yaradılır və əlavə olaraq respublika iqtisadiyyatında yeni sahələr, müdafiə sənayesi, kosmos sənayesi kimi sahələr formalaşır. Ona görə də həmin texnika və texnologiyaları təcrübi olaraq idarə etməyi bacaran ixtisaslı yerli kadrlara tələbat günü-gündən artır. Bu baxımdan qanun çox önəmli qanundur, çox yerində hazırlanmış bir qanundur. Mən bu qanunu yüksək səviyyədə qiymətləndirirəm. Hesab edirəm ki, həmkarlarım da bunun qiymətini verəcəklər və bu qanun qəbul olunacaq.
Ancaq mənim təkliflərim var, sadəcə olaraq, sizin vaxtınızı alıb burada sadalamaq istəmirəm. Hörmətli İsa müəllim, “Təhsil haqqında” Qanunla Peşə təhsili haqqında qanun layihəsində, habelə bir neçə qanunda ziddiyyətlər var. Bir-birləri ilə ziddiyyət yaradırlar. Ona görə bu ziddiyyətlərə baxarsınız. Mənim təkliflərim hazırdır, danışıb vaxtınızı almaq istəmirəm, təklifləri İsa müəllimə təqdim edəcəyəm. Məsləhət bildiyi məsələlərə özü diqqət edər. Qanuna mən də səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Mən də Peşə təhsili haqqında qanun layihəsini vacib hesab edirəm. Amma bununla belə hesab edirəm ki, bu cür qanunlar hazırlananda biz köhnə sovet dövründə olan peşə məktəblərinin infrastrukturunu, binasını, fəaliyyətini və orta məktəblərdə 8-ci sinfi tamamlayan uşaqların ora göndərilmə mexanizmini sanki təsəvvür edərək ortaya bir baxış qoymağa yönəlirik. Əslində, müasir dövrdə peşə təhsili faktik olaraq ya konkret özəl müəssisələrdə hazırlanır, yəni loru dildə desək, özləri üçün qara işləri görən mütəxəssislər yetişdirirlər, yaxud da beynəlxalq şəbəkəyə qoşulan peşə təhsili sistemi vasitəsilə ixtisaslı mütəxəssislər yetişdirirlər.
Burada orta tibb təhsili ilə bağlı Rəşad müəllim haqlı olaraq söylədi. Artıq müasir dövrdə ali təhsilli insanlar bu kateqoriyadadırlar, bizdə isə ancaq orta tibb təhsili alanların böyük əksəriyyəti texnikum tələbələri olur, tibb texnikumunu bitirmiş tələbələr olur və bunlar da ən azı, müəyyən məsələlərdə həkim səviyyəsində bilgiyə sahib olmalıdırlar. Çünki istər cərrahiyyə əməliyyatlarında, istərsə də başqa prosedurların həyata keçirilməsində bu standartlarda geniş bilgi əldə etmək imkanlarına sahib deyillər. Bu baxımdan da mən Təhsil Nazirliyinin beynəlxalq şəbəkəyə daxil olan peşə təhsili sisteminin genişləndirilməsinin tərəfdarıyam. Dövlətin bu sahədən bu qədər ağırlıqlı qalmasının çox yanlış olacağını və formal bir peşə təhsilinin mövcudluğuna səbəb ola biləcəyini düşünürəm. Çünki dövlət nə edə bilər? Tutaq ki, özəl müəssisə özü məsuliyyəti üzərinə götürür, müvafiq dövlət qurumundan lisenziya alır, bir şagird üçün aylıq 40 manat müəyyən edir. 40 manatın 20 manatını dövlət verir, 20 manatını vətəndaş özü verir və bununla da həm təhsil müəssisəsi məsuliyyət daşıyır, həm də vətəndaş az ödənişlə bəlli bir peşə təhsilinə yiyələnə bilir. Bu gün artıq etiraf etməliyik ki, 1 il, 2 il ərzində ixtisaslar sürətlə dəyişir. Hətta I kursuna daxil olduğun ali məktəbin III, IV kursuna gələndə artıq ixtisas dəyişir, əhəmiyyətsiz bir ixtisasa çevrilir. Ona görə də müasir dövrdə texnologiyanın tələblərini qabaqlamaq barədə düşünmək lazımdır.
Burada söhbət azərbaycançılıqdan və ya başqa məsələlərdən getmir, keçən dəfə demişəm, bunu təkrar etmək istəmirəm. Peşə təhsili azərbaycançılıqdan çox bəlkə bir almançılıq düşüncəsi ilə öyrədilsə, daha yaxşıdır. Dəqiq və məsuliyyətli. Biz buna daha çox texnologiyanın sirlərini öyrənən anlayışla yanaşmalıyıq. Burada mənəvi meyarları olan şəxsiyyət yetişdirmək, düşünən insan yetişdirmək lazımdır. Bu insan yetişəcəksə, yetişəcək. Bunu bu formada yükləmək olmaz. Müasir tələblərə cavab verən ixtisaslı kadr yetişmək lazımdır. Çünki burada biz əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə də bərabər peşə təhsili hüququ veririk. Veririk, ancaq ondan bunu tələb etmək imkanımız axı yoxdur. Bunu tələb etmək, açığı, absurd olar ki, sən filan mənəvi dəyərlərə hörmət etməlisən, vətənpərvər olmalısan. Əcnəbinin, vətəndaşlığı olmayan şəxsin vətənpərvər olmasını tələb etməyimiz nə dərəcə əsaslıdır? Bunun məsuliyyətini, açığı, anlamalıyıq. Dil məsələsinə gəldikdə isə, təbii, dövlət dili Azərbaycan dili olmalıdır, amma müasir dövrdə artıq ixtisasların böyük əksəriyyəti ingilis dilində, başqa dillərdə öyrədilir, onun hüdudlarını genişləndirmək lazımdır.
Bir də ən başlıca məsələ, Azərbaycanın spesifik problemi qızların, qadınların peşə təhsili məsələsidir. Bölgələrin böyük əksəriyyətində orta təhsil almaqda müəyyən problemlər yaşanır. Sahibkarları stimullaşdırmaq lazımdır, vergidən azad etmək lazımdır. İmkan yaratmaq lazımdır ki, peşə təhsili liseyləri, kollecləri açsınlar. Azərbaycan qadınlarının böyük əksəriyyətinin iqtisadi müstəqilliyini təmin etmək üçün onlar mütləq peşə ixtisası almalıdırlar. 3–4 il mənasız yerə universitetlərdə oxuyan, əslində isə oxumayan qızlar var, universitetlərə get-gəl edirlər. Savadlı qızları, təbii ki, stimullaşdırmalıyıq. Amma xeyli hissəsi də əlacsızlıqdan gedir. Gedib 4 il özəl universitetdə heç bir savad almadan vaxtını itirir. Bunlara peşə vermək lazımdır ki, sabah bir ailənin qazancının yarısını öz çiyinlərinə götürsünlər. Ailə başçısını itirəndə özlərinin iqtisadi vəziyyətlərini təmin edə bilsinlər. Bu məsələlər barədə, məncə, qanun layihəsində istiqamətverici müddəalar olmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rauf Əliyev.
R.Əliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Öncə mən hörmətli İsa müəllimə və komitə üzvlərinə, həmkarlarıma dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da, burada vurğulandığı kimi, çox vacib bir qanundur və bu gün çox lazımlıdır. Mən nəyi demək istəyirəm? Ümumiyyətlə, peşə məktəbi spesifik bir məktəbdir. Burada təhsillə bərabər tədris gedir. Peşə məktəblərində müasir avadanlıqlı emalatxanalar yaradılır. Uşaqlar orada öz ixtisaslarına yiyələnirlər. Ona görə tədris müəssisəsi ilə işəgötürən müəssisə və təşkilatlar sıx əlaqədə işləməlidirlər.
Orada ən vacib məsələ nədən ibarətdir? Mən xahiş edərdim ki, İsa müəllim, gələcəkdə bunu nəzərə alasınız. İşəgötürən müəssisə ilə tədris müəssisəsi arasında elə bir müqavilə olmalıdır ki, o uşaqlar istehsalat təcrübəsini işəgötürən müəssisələrdə təhsil aldıqları müddətdə keçsinlər. Onda bunlar daha ixtisaslı kadrlar olacaqlar. Ona görə bu məsələni, xahiş edirəm, nəzarətə alasınız. Ümumiyyətlə, vaxt var idi, Bakı Soveti yer ayırmışdı, xüsusi mağaza var idi, adı da “gənc fəhlə” idi, peşə məktəblərinin tələbələri emalatxanalarda hazırladıqları məhsulları orada satdırırdılar və məktəbə gəlir gəlirdi. Bu gün bazar iqtisadiyyatıdır. Belə məsələləri də fikirləşmək lazımdır və ən əsası, istehsalat təcrübəsi müəssisələrdə keçirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, hörmətli deputatlar, İsa müəllimə söz verək, bu deyilən təkliflərə münasibət bildirsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üzr istəyirəm, Valeh müəllim, buyurun.
V.Ələsgərov. Vaxtınızı çox almayacağam. Eldar müəllimin dediyinə qoşuluram, burada ziddiyyətli məqamlar var, xırdalamaq istəmirəm. Ən ziddiyyətlisi də 12.3-cü maddədir və belə deyək, qanunun ideologiyasına zidd olan bir maddədir. Kim bununla məşğul olub, bilmirəm, amma bu qanun layihəsini hüquqi cəhətdən yaxşı bilən bir adamla bir yerdə oturaq, bu ziddiyyətləri aradan qaldıraq. Yoxsa bu qanun istədiyimiz kimi işləyə bilməyəcəkdir, bu bir. İkincisi də bu, xarici vətəndaşların, ya da fiziki şəxslərin buraya vəsait qoymasının qarşısını ala bilər. Ona görə mütəxəssislərlə oturub bu ziddiyyətləri aradan qaldırmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. İsa müəllim, buyurun.
İ.Həbibbəyli. Əvvəla, burada fikir və mülahizələrini bildirmiş deputat həmkarlarıma minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, biz üçüncü oxunuşa qədər bunların üzərində düşünəcəyik və ən yaxşılarını yaradıcı şəkildə təhlil edib qanun layihəsinə daxil edəcəyik. Burada ilk növbədə mən deputat həmkarım Rəşad Mahmudovun sualına cavab vermək istəyirəm. Rəşad müəllim haqlıdır, dünyanın inkişaf etmiş ölkələrində tibb təhsili 3 mərhələdən ibarətdir. Bakalavr, rezidentura və doktorantura. Subbakalavr, yəni kollec və ya keçmiş dildə desək, texnikum səviyyəsində tibb təhsili keçmiş Sovetlər İttifaqında, bəzi sosialist ölkələrində mövcuddur. Ona görə düşünürəm, bizim ölkəmizdə də bu proses gedir. Bu, hazırkı qanuna tam da aid deyil, amma ümumiyyətlə, təhsil sisteminə aiddir. Mən düşünürəm ki, bu proses inkişaf etməlidir və biz buna uyğun təhsil qanununda da müvafiq dəyişikliklər etməliyik.
Təqdim olunan qanun layihəsində xarici investorların investisiya qoymasını məhdudlaşdıran maddə yoxdur. Lakin təsisçi, investor xarici vətəndaş olanda, o müəssisədə çalışanların 80 faizinin azərbaycanlı olmasına dair müddəa var. Biz hesab edirik ki, investor heç də əməkdaşların hamısını öz ölkəsindən buraya gətirməməlidir, bizim ölkəmizdə peşə təhsili verməyə qabiliyyəti, səviyyəsi, səriştəsi olan kifayət qədər usta, müəllim, texniki işçi var. Ona görə də biz burada xarici investisiyanın qarşısının alınması məqsədi daşımamışıq. Lakin investor və ya təsisçi xarici vətəndaş olanda Azərbaycan mütəxəssislərinin pedaqoji heyətdə çoxluq təşkil etməsini məqsədəuyğun hesab etmişik. Lazım gəlsə, bu barədə Valeh müəllimlə ayrıca söhbət edib məsləhətləşərik.
V.Ələsgərov. Mən hüquqi nöqteyi-nəzərdən dedim, Siz isə emosional nöqteyi-nəzərdən deyirsiniz. Mən söz güləşdirmək istəmirdim, təklif etdim ki, ziddiyyət var, mütəxəssislə oturaq, Sizə təqdim edək. Qəbul edərsiniz, etməzsiniz, Sizin işinizdir.
İ.Həbibbəyli. Mən mövqeyimi dedim, orta bir qərara gələrik. Sonra, Tahir Rzayevin, Fuad Muradovun, Tahir Kərimlinin çıxışlarında o dəqiqləşdirmələr aparmaqla bağlı olan fikirlər bizi düşündürür. Biz onların ətrafında düşünəcəyik və deyilənləri nəzərə alacağıq. Əsas anlayışlarda əvvəlki qanunlarda verilmiş ifadələrin yer alması haqqında fikri qəbul edirəm. Üçüncü oxunuşa qədər biz onların çoxunu, yəni gərəksiz olanları ixtisar edəcəyik. Bütövlükdə fikir söyləyənlərə minnətdaram. Qanun layihəsi bu deyilənlər əsasında təkmilləşdiriləcəkdir.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, onda ikinci oxunuşun tələblərinə uyğun olaraq, hörmətli həmkarlar, səsvermə prosesinə başlayırıq. Yadınıza salmaq istəyirəm ki, qanun layihəsi 5 fəsil və 26 maddədən ibarətdir. Əgər etiraz etmirsinizsə, biz 2 fəsli bir, 3 fəsli də bir səsə qoyaq, sonra qanun layihəsini bütövlükdə səsə qoyarıq. Ona görə, xahiş edirəm, birinci 2 fəslə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
3-cü, 4-cü və 5-ci fəsillərə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, bütövlükdə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Bununla da iclasımız sona çatdı, sağ olun.