18.05.2018 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ
PROTOKOLU № 68
Milli Məclisin iclas salonu.
18 may 2018-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 99
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Məhəmmədəli Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
Vəfa Mütəllimova, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının şöbə müdiri.
Nəsir Sadıqov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının şöbə müdiri.
* * *
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
2. Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
3. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Fəzail İbrahimli, Sahibə Qafarova, Əli Hüseynli, Zahid Oruc, Aydın Mirzəzadə, Asim Mollazadə, Fazil Mustafa, Səməd Seyidov, Siyavuş Novruzov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vüqar Gülməmmədov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Ziyafət Əsgərov, Tahir Rzayev, Musa Quliyev, Tahir Kərimli, Fərəc Quliyev
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Musa Quliyev, Çingiz Qənizadə
Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Təklif: Layihənin adı, preambulası, 1–28-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Təklif: 29–41-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
3. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Qüdrət Həsənquliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, İsa Həbibbəyli, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Fazil Mustafa, Ziyafət Əsgərov, Zahid Oruc
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
6. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
8. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
9. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
10. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əhliman Əmiraslanov, Qüdrət Həsənquliyev, Rəşad Mahmudov, Ziyafət Əsgərov, İsa Həbibbəyli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.58 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
18 may 2018-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 99
Yetərsay 83
Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik də təsdiq edildi.
Müzakirəyə ehtiyac var? Xahiş edirəm, yazılın. Fəzail İbrahimli.
F.İbrahimli. Cənab Sədr, hörmətli həmkarlarım, dəyərli mətbuat nümayəndələri! Son günlər Qüdsdə baş verən hadisələr elə bir fikir yürütməyə əsas verir ki, dünya hüququn deyil, gücün yedəyində gedir. Bu güclər sanki müsəlman dünyasına qarşı bir səlib müharibəsi elan etmişlər. Yaxın Şərq odun-alovun içərisindədir. Cənubda, İranda tələbə hərəkatının qığılcımları görünür. Qardaş Türkiyə siyasi və hərbi burulğanlara cəlb edilib.
Yer üzündə bir məmləkət var, onun adı Azərbaycandır, siyasi sabitliyinə, inkişafına kifayət qədər nəzər-diqqət yönəlib. Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı, bu maraqlar altındakı məkirli niyyətlər Azərbaycana qarşı iti caynaqların uzanmasına, mənfur baxışların dikilməsinə rəvac verib. Son vaxtlar Avropa Şurasında qəbul edilmiş qərar məhz buna köklənib. Azərbaycanda siyasi sabitliyi pozmaq, Azərbaycanın inkişafına mane olmaq, bərk və qürurlu Azərbaycanı mayeyə çevirib bunların istədikləri əyri qabın tutumunu almağa vadar etmək – məqsəd, niyyət bundan ibarətdir. Amma hədəf bizim həmkarımız, dostumuz Səməd Seyidov seçilib. Niyə? Əvvəla, nümayəndə heyətinin başçısı kimi, təbii ki, hədəf o seçilməliydi. Amma Səməd Seyidovun bir sıra şəxsi keyfiyyətləri də onun hədəf seçilməsinə rəvac verib.
Mənim Avropa Şurasındakı 10 illik təcrübəm aşağıdakı fikirləri söyləməyə əsas verir: Avropa Şurasında Avropa ailəsinə sonradan gələn bütün nümayəndə heyətlərinin üzvlərinə sanki ikinci dərəcəli bir yanaşma var. Bunlar qarşılarında həmişə yazıq, məzlum, düşüncələri bəstə görünən adamlar təsəvvür edirlər. Amma qarşılarında Azərbaycan dövlətinin siyasətini qətiyyətlə və ardıcıl aparan, avropalılarla sözünün qüdrəti, düşüncəsinin məntiqi ilə Avropa dilində danışan bir Səməd Seyidov dayanır. Necə devirmək olar bunu? Ləkələmək, sıradan çıxarmaq. Çünki Səməd Seyidov Avropa ailəsi...
Sədrlik edən. 1 dəqiqə əlavə edək. Xahiş edirəm, müzakirə edənlər 3 dəqiqə çıxış etsin. 1 dəqiqə vaxt verin.
F.İbrahimli. Çünki Səməd Seyidov Avropa Şurasında gedən bütün oyunları axıra qədər dərk edən adamdır. İkili standartlardan yanaşanlara cavab verən adamdır. Səməd Seyidovun axırıncı çıxışı mənim yadıma 100 il bundan qabaq Əhməd bəy Ağaoğlunun yazdığı bir fikri xatırladır. O, 100 il bundan qabaq yazırdı: “Balkan hadisələrindən sonra Avropa demokratiyasının rəngi bizim nəzərimizdə dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş”. Əminəm ki, bundan sonra bizim çox dəyərli nümayəndə heyəti daha qətiyyətli hərəkət edəcək, haqqın-ədalətin keşiyində duracaq, Səməd Seyidov daha prinsipial və daha ardıcıl fəaliyyət göstərəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Mən də bu hadisə ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. İlk öncə onu demək istəyirəm ki, yaxşı məlumdur, bu gün Azərbaycan dinamik inkişaf edən, regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan və müstəqil siyasət kursu həyata keçirən ölkədir. Təbii ki, bu bəz qərəzli xarici dairələr tərəfindən həmişə müəyyən narahatlıqla qarşılanır. Elə bu səbəbə görə həmin dairələr öz cılız məqsədləri naminə ən müxtəlif vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar. Bəzən biz görürük ki, həmin təşkilatlar və mərkəzlər ölkəmizə qarşı qara piar kompaniyası aparırlar. Azərbaycanın beynəlxalq imicinə görə kölgə salmaq üçün böhtanlar yayır, hətta bəzi təşkilatlar hesabat və bəyanatlarında qeyri-obyektiv məlumatları dövriyyəyə buraxırlar və ölkəmizi hədəfə alaraq dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Təəssüf ki, bir sıra belə halları biz Azərbaycanın 2001-ci ildən uğurla təmsil olunduğu və düşünürəm ki, fəaliyyətinə mühüm töhfələr verdiyi Avropa Şurası Parlament Assambleyasında da görürük.
Bilirsiniz ki, bir neçə gün öncə AŞPA-nın bəzi üzvlərinə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbəri çox hörmətli həmkarımız Səməd Seyidova qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı bir qərar qəbul olunub. Tam qətiyyətlə demək istəyirəm ki, bu qərar ədalətli deyil, qərəzlidir və subyektiv fikirlərə söykənir. Eləcə də bu qərar konkret siyasi məqsədlərə xidmət edir. Ümumiyyətlə, demək lazımdır ki, bu, Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Digər tərəfdən, belə bir qərarın qəbul edilməsi demokratik prinsiplərin pozulması, eləcə də AŞPA-nın özünün missiyasına qarşı kobud hörmətsizlikdir.
Mən bir məqamı da xüsusi diqqətə çatdırmaq istəyirəm, hörmətli həmkarlar. Bəli, bu gün Avropa Şurasında müəyyən mövqeyə sahib ədalətli, sağlam qüvvələr var. Bununla belə sonuncu qərar bir daha təsdiq edir ki, o cür mötəbər təşkilatda heç də AŞPA-nın prinsiplərinə uyğun gəlməyən, sahib olduqları bölgədən bu və ya başqa çirkin məqsədlər üçün sui-istifadə edən siyasətçilər də var. Bu siyasətçilər anti-Azərbaycan mövqeyi nümayiş etdirir, erməni lobbisi ilə bir hərəkət edirlər. Biz AŞPA-da bunun dəfələrlə, şahidi olmuşuq. Onlar Azərbaycana, Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mübarizəsinə, haqq səsinə dəstək verən insanlara qarşı ədalətsiz mövqe ortaya qoyur və sanksiya tətbiq edirlər. Əlbəttə, biz bu cür münasibəti qəbul etmirik və qətiyyətlə pisləyirik.
Hörmətli həmkarlar, tam qətiyyətlə deyə bilərəm ki, AŞPA-dakı anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin belə “qərarlarla” ölkəmizdə ictimai rəyə...
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətl həmkarlar, Avropa Şurasında bizim nümayəndə heyətinin sabiq üzvü kimi mayın 15-də Parisdə keçirilən iclasda AŞPA-nın Prosedur qərarları komitəsinin iclasının qəbul etdiyi qərar və orada həmkarımız hörmətli Səməd Seyidovla bağlı məlumat məni də narahat etdi. Narahat etdi ona görə ki, bütün bu illər ərzində Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti vaxtilə ulu öndər Heydər Əliyevin verdiyi tövsiyələr və nümayəndə heyətinin rəhbəri olmuş cənab İlham Əliyevin qurduğu strategiya və taktika əsasında fəaliyyət göstərirdi. Bu tövsiyələr və strategiya ancaq Azərbaycanın milli maraqlarına xidmət etmək və ən başlıcası, Dağlıq Qarabağ problemini daim gündəmdə saxlamaq və işğalçı Ermənistanı ifşa etməkdən ibarət olub. Əsas strategiya bundan ibarət olub.
Bütün bu illər ərzində Azərbaycanın nümayəndə heyəti AŞPA-da ən peşəkar millət vəkilləri kimi seçilmişlər. Onlar bir çox komitələrdə sədrlik, sədr müavinliyi etmişlər, hətta Avropa Şurasının rəhbərliyində də olmuşlar. Bu qərar həm də ona görə bizi narahat etdi ki, Avropa Şurası özünün qəbul etdiyi prosedurların əleyhinə report vermişdir. Müstəqil araşdırmaçılar göstərirlər ki, Səməd Seyidovun, ümumiyyətlə, hər hansı korrupsiya məsələlərində heç bir iştirakı olmamışdır. Amma sonda onunla bağlı sanksiyalar tətbiq edirlər.
Zamanında biz Avropa İnsan Hüquqları Konvensiyasını tətbiq etmişik. Konvensiyanın vacib maddələrindən biri 7-ci maddədir – qanunsuz cəzalandırılmamaq. Ədalətsizlik ondan ibarətdir ki, Avropa Şurası özünün qəbul etdiyi, təbliğ etdiyi və bizim də təbliğ etdiyimiz bu Konvensiyanın ruhunu pozur. Səməd Seyidov heç bir günahı, heç bir suçu olmadan qanunsuz cəzalandırılır. Əlbəttə, bu, Avropa Şurasına başucalığı gətirmir. Buna baxmayaraq, mən həmkarımın o fikri ilə tam razıyam ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasında bundan sonra daha əzimlə, qətiyyətlə fəaliyyət göstərəcək və heç bir belə qərarlar, heç bir belə sanksiyalar bizim nümayəndə heyətinin fəaliyyətini poza bilməz, Azərbaycan parlamenti üzvlərinin əzmini sındıra bilməz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Görürəm, hamımız bir məsələ üzərində köklənmişik. Mən bir məqamı qısaca qeyd etmək istəyirəm. Mətbuata baxanda görürsən ki, bizim dırnaqarası “vətənpərvərlər”, elə bil, bu məsələni bayraq ediblər. Bütün günü qəzetlərdə başqa yazılar yoxdur.
Nə baş verib? Ədalətsiz bir qərar. İlk sanksiya. Azərbaycana qarşı ilk sanksiya deyil, elə bu zalda Azərbaycana qarşı bir sanksiya olmuşdu. Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin burada iclası keçiriləndə biz dəfələrlə Dağlıq Qarabağda olan ermənipərəst Rene Rükenin Azərbaycana gəlməsinə icazə verməmişdik. Həmin Ann Brasser, digərləri burada sanksiya qəbul etdilər ki, bizim parlamentdə, Azərbaycanda 2 il heç bir tədbir keçirilməyəcək. Keçirilməyəcək, keçirilməsin. 1 il sonra özləri peşiman oldular. Çünki 2 alt komitənin iclası burada keçirilməliydi, maddi imkanları da yox idi. Hətta xahiş etdilər ki, bəlkə keçirək. Dedim yox, biz sanksiya altındayıq, biz iclas keçirməyəcəyik. Biz 2 il imtina etdik. Nə oldu? 2 il sonra bütün komitə iclasları gəldi, Azərbaycanda keçdi.
O ki qaldı Səməd Seyidova qarşı qəbul olunmuş ədalətsiz sanksiya. Sanksiya deyəndə çox yüksək səviyyədə görünür. Bu qərarın ədalətsiz olduğu haqqında həmkarlarımız dedilər, ancaq burada nə baş verib? Səməd Seyidova icazə verilməyəcək ki, – vaxtı ilə AŞPA-nın büro üzvü olmuşdu, komissiya sədri olmuşdu, – seçkili orqanlara seçilsin. Heç seçilmək istəmir, seçilməsin. İcazə verilməyəcək ki, başqa ölkənin müşahidə missiyasında iştirak etsin. Heç iştirak etməsin. Nə var burada? Niyə bunu belə böyüdürlər? Səməd Seyidov bizim mübariz deputatımızdır, bizim nümayəndə heyətinin rəhbəridir, bizim komitə sədrimizdir. O öz işinə həmin qaydada davam edəcək və öz mübarizliyini bundan sonra bir az da artıracaq. (Alqışlar)
İndi buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətl həmkarlar! Sizin də qeyd etdiyiniz kimi, mən, ümumiyyətlə, hesab edirəm ki, Avropa Şurasının Azərbaycana qarşı uzun illər apardığı təzyiq siyasəti üçüncü dövlətlərin marağına işləyir. İkincisi, bu bizə qarşı total müharibə deyil. Konkret maraq qrupları var, seçilmiş şəxslər var, kəşfiyyat orqanları tərəfindən cəlb edilən insanlar var, onlar bütövlükdə Azərbaycanın Qərblə münasibətlərini dayandırmaq, sındırmaq və deyildiyi kimi, Azərbaycan əleyhinə sanksiya mövqeyini seçmək istəyirlər.
Üçüncüsü, ümumiyyətlə, gəlin etiraf edək ki. On illər ərzində biz Avropa Şurasının təmsilçilərinə Binə hava limanından ta ən yüksək siyasi qəbullara qədər çox yüksək qiymət vermişik. Qərarlarına da həmçinin. Bir qədər bu siyasət dəyişsə, hətta üzvlük aktlarımızda bir qədər azalmalara yol verilsə, – cənab Sədr, Sizin bayaq dediyiniz kimi, tədbir keçirməmək məsələsində 1 ildən sonra buzları əridi, – onda vəziyyət dəyişəcək. Strasburqda olanlar bilirlər, qonşu küçədə ən məlumatlı adamlardan soruşanda o binanı baş bina kimi tanımırlar. Biz onları çox şişirtmişik.
Dördüncüsü, biz satın almaq istədiyimiz o adamlar ki var, deyirlər satın almışıq, nə etmişik onlarla. Deyilir ki, Sərsəng su anbarının ermənilər tərəfindən silah kimi istifadə olunmasını qeyd etmişik, qətnamələr qəbul olunub və sair. Bunlar heç nəsiz öz prinsipial siyasi mövqelərindən, Avropanın hüquqi mövqeyindən belə etməli idilər. İndi bu mövqedə olanlar, o qətnaməyə səs verənlər simalıdırlar, yoxsa ona səs verməyənlər? Nə edək ki, onlar pulsuz-parasız, dünyanın siyasəti üçün Ukrayna yolunda özlərini mücahid edirlər. İndi burada bizmi günahkarıq? Azərbaycanın Qərbdən uzaqlaşdırılması siyasəti, dediyimiz kimi, müxtəlif maraq qruplarının xeyrinə işləyir.
Faktiki olaraq bu həm də Qarabağ uğrunda mübarizəmizin əleyhinədir, o cümlədən bizim xarici siyasətimizi cilovlamaq, öz istədikləri kimi idarə etmək siyasətidir. Mən bunu keçmişdə demişdim, hökumətin içərisində biz özümüz qüvvələrimizi formalaşdırmalıyıq. Diktə etməliyik ki, Strasburqda kim hansı nöqtədə oturmalıdır, kim nazir olmalıdır.
Mən hesab edirəm ki, burada mütləq bu sözü söyləmək lazımdır. O lobbi işinə görə Qərb daha öndədir. 10 milyardlarla pul xərcləyirlər. Azərbaycanı kürüdə ittiham edənlər nəinki balıqları, bütövlükdə Xəzəri udmağa hazırdırlar. Mən sizə deyim, hamı görmür ki, Qərb hərbi cəhətdən Xəzərdə necə yerləşmək istəyir və Xəzərin üzərində iqtisadi mənafelərini necə qurubdur? Cənab Prezident xarici siyasətini soyuq hesablamalar üzərində qurub. Burada emosiyalara, demək olar ki, yer yoxdur. Ağ-qara rəng də görmürük. Bizim dostlarımız da yetərincə çoxdur. Ona görə Azərbaycanı beynəlxalq məkandan təcrid etmək mümkün deyil. Kimdəsə bu istəklər ola bilər, amma burada deyildiyi kimi, bu prinsipial xətdir...
Sədrlik edən. Sağ olun. Mən bəzi məsələləri də yada salım. Biz dəfələrlə Avropa Şurasına müraciət etmişik, onlarca reno rükelər var ki, çarter reyslərlə Ermənistana aparılır-gətirilir, hədiyyələr verilir, bu məsələlərin qabağı alınsın. Biz danışmışıq ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın hüquqları pozulur. Heç buna reaksiya verən olmayıb. Bir dəfə bir məsələ Avropa Şurası Parlamentinin gündəliyində müzakirə olunmayıb. Bu, ermənipərəst qüvvələrin və biz Avropa Şurasının Parlament Assambleyasından, ümumiyyətlə, Avropa təşkilatlarından uzaqlaşdırmağa çalışan qüvvələrin apardığı siyasətdir. Mən əminəm ki, bu siyasət öz bəhrəsini verməyəcək. əməd müəllim, bundan sonra bir az da mübariz olarsınız. Müzakirələrin hamısını bu mövzuda davam ediriksə, bəlkə icazə verəsiniz, Səməd müəllim sözünü desin, müzakirələri bitirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı Səməd müəllim, bir dəqiqə. Aydın Mirzəzadəyə mən xəbərdarlıq etmədim, buyursun, sonra müzakirəni bitirək. Buyurun, Aydın Mirzəzadə.
A.Mirzəzadə. Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Mən də bu mövzuya toxunmaq istəyirəm. Toxunmasam olmaz, çünki Səməd Seyidova qarşı edilən ədalətsizlik Avropa Şurasının tarixinə qara bir ləkə kimi yazılacaq. Səməd müəllim bizim dəyərli həmkarlarımızdandır. Öz işinə məsuliyyətlə yanaşan, deputat adını yüksək saxlayan, Avropa təfəkkürlü, demokratik prinsipləri qoruyan bir həmkarımızdır. Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının ən fəal üzvlərindən biridir. Mən bilmirəm, AŞPA-da ikinci belə bir avropalı deputat varmı ki, iki dəfə AŞPA-nın vitse-prezidenti olsun. Bu gün Səməd Seyidova qarşı edilən ədalətsizlik, əslində Azərbaycana qarşı edilən ədalət-sizlikdir. Görünür, Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi, müstəqil neft siyasəti yeritməsi, müstəqil nəqliyyat siyasəti yeritməsi və sair anti-Azərbaycan mərkəzlərinə sərf etmir. Azərbaycanın apardığı bu qürurlu və müstəqil siyasətə müxtəlif cinahlardan hücuma keçməyə çalışırlar.
Mən təəccüblənmərəm, əgər sabah AŞPA bizim nümayəndə heyətinin digər üzvlərinə qarşı da uydurma bir sanksiya tətbiq eləsin. Bu bir döyüşə bənzəyir. Elə bil, komanda döyüşə gedir, bir-bir onları sıradan çıxarmağa çalışırlar. Mən sizə təşəkkür edirəm ki, burada siz Azərbaycanın qətiyyətini nümayiş etdirən fikirlər söylədiniz. Dediniz ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini qorumaqda davam edəcək. Azərbaycan ona qarşı edilən təzyiqlər qarşısında heç vaxt baş əyməyəcək. Bu Azərbaycan üçün bir sınaqdır, növbəti bir sınaqdır. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan uğurla çıxacaq. Bugünkü müzakirələr göstərdi ki, istər ümumən Azərbaycana, istərsə də Azərbaycanı təmsil edən dəyərli bir nümayəndəmizə qarşı edilən hücumlar Azərbaycanı tutduğu müstəqillik yolundan, sərbəst siyasət yeritmək yolundan heç bir halda döndərə bilməyəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Görürəm, hələ 10 dəqiqə də müzakirələrə sərf olunacaq. Buyursun Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, hörmətli cənab Sədr. AŞPA-nın iclasının mövzusu Avropada artan ksenofobiya, islamofobiya və antisemitizm idi, bunun əvəzinə müzakirə nəyə görə gəlib Azərbaycanın üzərinə çıxdı? Ümumiyyətlə, Avropada səlib yürüşü əhvali-ruhiyyəs çox təhlükəli bir proses kimi artmaqdadır. Araşdırma komissiyası yazır ki, Səməd Seyidovun bu proseslərdə günahı yoxdur, amma cəzalandırmalıyıq. Mənə elə gəlir ki, bu səlib yürüşü ab-havasında olanlar düz deyirlər: Səməd Seyidovun günahı var. Səməd Seyidovun günahı ilk növbədə Türkiyənin müdafiəsi üçün öz səsini ucaltmaqdan ibarətdir. Səməd Seyidovun günahı uşaq qatili və hərbi cinayətkar Sarkisyanın ifşası ilə bağlıdır. Çox maraqlıdır ki, Sarkisyanı təmtəraqla Avropa Şurasına gətirənlər korrupsiya sənədlərində müzakirə olunmurlar.
Bu çox təhlükəli bir prosesdir və müzakirələr zamanı britaniyalı millət vəkilləri çox maraqlı fikirlər söylədirlər. Belə ki, əslində Azərbaycanı hədəf kimi seçmək ilk növbədə real korrupsiyanı gizlətməkdir. Çünki bütün bu müzakirələrin səbəb çox böyük korrupsiya prosesləri ilə bağlıdır. Mənə elə gəlir ki, bu proses ciddi araşdırılmalıdır və Azərbaycan nümayəndə heyəti bu istiqamətdə öz işlərini gücləndirməlidir.
Ümumiyyətlə, hamımıza aydındır ki, informasiya müharibəsi gedir, Azərbaycan hədəf kimi seçilib. Səbəb-lərdən biri ondan ibarətdir ki, bu il bizim demokratik dövlətimizin 100 illiyidir. Biz, əslində çox ciddi bir mifi dağıtdıq ki, demokratik dövlət anlayışı, ancaq qapalı bir xristian klubunun anlayışıdır. Azərbaycan Demokratik Cümhuriyyəti, ondan sonra yaradılan Atatürkün Türkiyə Cümhuriyyəti bu mifləri dağıdır. Onun üçün Azərbaycan və Türkiyə səlib yürüşü təfəkkürlü insanların hədəfindədir. Mən əminəm ki, biz öz dəyərlərimizi – Azərbaycanın məhz Avropanın bir sıra ölkələrindən əvvəl qadınlara seçib-seçilmək hüququ verməsini, Azərbaycanın çoxpartiyalı parlament ənənələrini Avropaya çatdırmalıyıq. Bizə qarşı informasiya müharibəsində parlament mütləq fəal iştirak etməlidir. Azərbaycanın təmsil olunduğu bütün təşkilatlarda biz mübarizəyə hazır olmalıyıq, səfərbər olmalıyıq.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri, bu məsələ ilə bağlı mətbuatda münasibətimi bildirdiyimə görə konkret təkliflə çıxış etmək istəyirəm. Mən təklif edirəm ki, ya beynəlxalq əlaqələr komitəsi səviyyəsində, ya da əgər məsləhət görərsizinizsə, Milli Məclis səviyyəsində bir bəyanat hazırlansın və bu bəyanat da Avropa Şurasının iyun ayında keçiriləcək sessiyasında məhz bu şuranın fəaliyyətini ittiham edən sənəd kimi səsləndirilsin və hazır material formasında oradakı üzvlərə yayılsın. Digər tərəfdən, ən yaxşı cavablardan biri kimi iyun ayında Azərbaycan Cümhuriyyətinin 100 illiyin biz orada ayrıca bir tədbir keçirib qeyd etməklə öz dik duruşumuzu göstərmiş olarıq. Bu iki məsələnin həlli vacibdir.
Toxunmaq istədiyim digər vacib məsələlərdən biri Azərbaycanda məmurların durumu ilə bağlı məsələdir. Bu olduqca ciddi məsələdir. Azərbaycanın böyük mütəfəkkirlərindən biri olan Əhməd bəy Ağaoğlu Osmanlı dövlətinin süqutu ilə bağlı məsələləri təhlil edərkən yazırdı ki, Osmanlının ən böyük yanlışlarından biri alim hazırlığına deyil, məmur hazırlığına diqqət yetirmək idi. Bizim bugünkü reallığımıza baxanda görürük ki, bizdə alim hazırlığı, ümumiyyətlə, ümidsiz vəziyyətdədir, – bu mənim subyektiv fikrimdir, – o baxımdan ki, əgər orta məktəb məzunlarının 50 faizi imtahanlardan 200 baldan aşağı toplayırsa, yaxud Tibb Universitetinin rezidenturasına sənəd vermiş 1100 adamdan 500-ü 40 baldan aşağı toplayırsa, elm, təhsil sahəsində gələcəyimizin necə olacağı indidən görünməkdədir. Bu acı bir tablodur. Amma məmur hazırlığı ilə bağlı sahədə də uğurlu addım atdığımızı düşünmürəm. Baxın, 10 ilə, 15 ilə bir məmuru yetişdirmək üçün dövlət nə qədər pul xərcləyir, nə qədər vəsait qoyur, onun təcrübə toplaması üçün nə qədər imkan yaradır. Hara icra başçısı təyin olunursa, hara nazir təyin olunursa, hara baş idarənin, nə bilim, idarənin müdiri təyin olunursa, özü ilə bir komanda daşıyır ora və 10 ilin, 15 ilin, 20 ilin məmurunu rahatlıqla işdən çıxardır. Son sözü də odur ki, istəyirsən, get, ver məhkəməyə. Ona görə ki, məhkəmənin qərarlarının obyektiv olmadığına arxayındır, çünki məhkəmələr dövlət orqanının əleyhinə qərar çıxarmağa maraqlı görünmürlər. Azərbaycan məmurunu qoruyacaq mexanizmlər tapılmalıdır. Axı bu insanlar dövlətimizin sütunlarıdır. Hansı isə müəssisəyə, idarəyə şəxsi təsərrüfat kimi baxılmamalıdır. Bu, dövlətin kadrıdır və dövlətin bəlkə də elə məmurları var ki, biz deputatlardan da, cəmiyyətdə tanınan o insanlardan daha faydalıdır, daha çox iş görmək imkanına sahibdir. Bunları biz belə rahatlıqla xərcləməklə nəyə nail oluruq? Ona görə də bu sahədə qanunvericilik mexanizminin sərtləşməsinin tərəfdarıyam ki, hər kəs harasa təyin olunanda dərhal məmurların soyqırımını gerçəkləşdirməsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, Siz də buyurun, bununla müzakirələri bitirək.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar, əziz dostlar! Bu ədalətsizliklə rastlaşıb onu qəbul etmək bir insan kimi mənim üçün, təbii ki, o qədər də asan deyil. Ona görə ki, ömrümün böyük bir hissəsini məhz Avropa–Azərbaycan münasibətlərinin inkişafına həsr etmişəm. Həyatımı Avropa dillərinin, Avropa mədəniyyətinin, Avropa dəyərlərinin Azərbaycana gətirilməsi ilə məşğul olan bir insan kim təşkil etmişdim. Ona görə də bir insan kimi mənim üçün bu o qədər də asan deyil. Məhz mübarizə apardığın qurumdan özünə qarşı sanksiyalar və hansısa hərəkətlər görmək asan deyil.
Bu bir insan emosiyalarıdır. Hesab edirəm ki, bu təbiidir, ancaq bir vətəndaş kimi mən qürur hissi keçirirəm və burada həmkarlarıma, Azərbaycanın rəsmi və qeyri-rəsmi mənbələrinə, yüksək səviyyəli insanlara, sıravi vətəndaşlara minnətdarlığımı bildirmək istəyirəm. Onlar çox gözəl görürlər ki, bu, sadəcə, Azərbaycana olan bir təzyiqdir. Bu ikili standartların Azərbaycana birbaşa şamil olunmasıdır.
Oqtay müəllim, Siz çox gözəl qeyd etdiniz, dəfələrlə Avropa Şurasında qanun-qaydanı pozan insanlar, yüksək mövqe tutan insanlar heç bir sanksiyalara məruz qalmayıblar. Niyə uzağa gedək? Azərbaycan torpaqlarını işğal edən, Etnik təmizləmələri aparan Ermənistan belə heç bir sanksiyalara məruz qalmır. Ancaq Azərbaycan öz haqq sözünü deyəndə sanksiyalara məruz qalır. Bilirsiniz, mən hesab edirəm ki, bu nöqteyi-nəzərdən biz çox düz yoldayıq. Cənab Prezidentin apardığı siyasət bu gün həm Avropada, həm də dünyada özünün nəinki təsdiqini tapır, bəhrəsini də göstərir. Bir vətəndaş kimi bu hissləri keçirərək deyə bilərəm ki, bu sanksiyalar mənim üçün qüsur deyil, şərəf və qürur mənbəyidir. Siyasətçi kimi, parlamentin üzvü kimi, nümayəndə heyətinin rəhbəri kimi qeyd etmək istəyirəm və minnətdaram ki, burada həmkarlar çox gözəl qeyd etdilər, bunun səbəbi Azərbaycanın uğurları, cənab Prezidentin gördüyü işlər, bu gün artıq imzalanmış kontraktlar, bir aydan sonra TANAP-ın işə salınması, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması, Azərbaycanın qeyri-sabit dünyada sabit olmasıdır. Budur əsas səbəb.
Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Səməd Seyidovla bağlı məsələ burada heç də vacib deyil, bizim balalarımız, uşaqlarımız cəbhədə bizdən daha çox təhlükədədirlər. Biz siyası cəbhədəyik, onlar canlarını qurban verirlər. Ona görə hesab edirəm ki, Azərbaycanın Avropa məkanından kənarlaşdırılması prosesi məhz Azərbaycanın Avropaya inteqrasiyasının uğurundan sonar, Azərbaycan Prezidentinin apardığı siyasətin bəhrə verməsindən sonra başlanan bir proses kimi qiymətləndirilmədir. Ona görə mən sizin hamınızdan bir millət vəkili, nümayəndə heyətinin rəhbəri kimi xahiş edirəm, – biz bu yaxınlarda cənab Prezidentin çox gözəl bir təqdimatını təsdiq etdik, Azərbaycanın yenicə formalaşdırılmış Hökumətinin rəhbərini, xarici siyasətdə özünü təsdiq etmiş, yüksək səviyyəli peşəkar bir insanı baş nazir kimi təsdiq etdik, – xahiş edirəm, bu məsələlər cənab Prezidentin bir neçə müddət bundan əvvəl etdiyi çıxışında konkret göstərilib. Mən sitat gətirmək istəyirəm: “Biz daxildən gələn xataları, təhlükələri artıq dəf etmişik. Ölkəmizə qarşı xaricdən gələn təhlükələr isə böyüyür”. Ona görə Azərbaycanın beynəlxalq əlaqələr koordinasiya formasında daha yüksək səviyyədə həyata keçirilməlidir. Ona görə beynəlxalq münasibətlər, belə deyərdim, peşəkarlaşdırılmalıdır. Biz bu istiqamətdə işlərimizi yüksək səviyyədə təşkil etməliyik.
Oqtay müəllim, burada ifadə edilən sözlər, fikirlər həmkarlarımın dedikləri təsdiq edir ki, biz bundan sonra da cənab Prezidentin siyasətini müdafiə edəcəyik. Sözümüzlə, məntiqimizlə, mövqeyimizlə. Səməd Seyidovla bərabər Azərbaycan nümayəndə heyətinin 12 üzvü Azərbaycanı ən yüksək səviyyədə təmsil edir. Birinin səsini alsalar, o birilər çıxış edəcək, birinin səsvermə hüququna məhdudiyyət qoysalar, o birilər səs verəcəklər. Ona görə heç kəs, heç vaxt Prezidentimizin yüksək səviyyədə təşkil olunmuş siyasətinə dair mənfi fikir söyləyə bilməz. Mən bir də sizin hamınıza minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, cənab Prezidentin bu siyasətini davam etdirəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, müzakirələr artıq başa çatdı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim, bu istiqamətdə danışmaq istəyirsən? 3 dəqiqə vaxtımız var, buyurun, Siyavuş müəllim. Axırıncı söz verək, bitirək.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Burada həmkarlarım fikilərini qeyd etdilər. Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Düzdür, Səməd müəllim bu məsələdən danışdı. Burada söhbət Səməd müəllimdən, qeyrisindən getmir. Burada söhbət Azərbaycandan gedir. Bu addımlar Azərbaycana qarşı atılıbdır, Azərbaycanın iqtisadi inkişafına qarşı atılıbdır. Azərbaycanda olan ictimai-siyasi sabitliyə qarşı yönəlibdir. Bu gün Azərbaycanın inkişafını gözü götürməyən dövlətlər bu cür yollarla Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışmaq istəyirlər.
Hesab edirəm, biz də var qüvvəmizlə çalışmalıyıq ki, bütün nümayəndə heyətləri pərakəndə şəkildə deyil, sistemli şəkildə birlikdə mübarizəni davam etdirsinlər. Sistemli şəkildə, planlı şəkildə. Artıq bəllidir ki, bizə qarşı bu cür təxribatlar mövcuddur və bundan istifadə edirlər. Amma bununla yanaşı, biz gərək işimizi elə quraq ki, bu cür məsələlərlə Azərbaycan haqqında hər hansı mənfi imic yaratmaq cəhdinin qarşısı alınsın.
Əslinə baxsanız, lobbiçilik fəaliyyəti, Oqtay müəllim, Amerika Birləşmiş Ştatlarında qanunladır. Dünyanın hər bir yerində qanunla lobbiçilik fəaliyyəti var. Hər bir insan istəyir ki, beynəlxalq təşkilatlarda, tədbirlərdə və sair öz ölkəsinin maraqlarını müdafiə etsin. Bu cür hüquqi cəhətdən yanaşsaq, burada heç bir qəbahət yoxdur. Amma heç bu da yoxdur. Olmayan şeyi bizimkilərin üstünə yazmaq sırf böhtan xarakteri daşıyır.
Ümumiyyətlə, İslamda, – indi mən Dini komitənin sədriyəm, – Oqtay müəllim, İslamda “Müalivətti külli him” qanunu var. Deyir, əgər malınla, sərvətinlə insanların qəlbini Allah yoluna döndərmək istəyirsənsə, bunu əsirgəmə. Biz də əsirgəmirik də... Biz də edirik. Ona görə də mən hesab edirəm ki, biz bu istiqamətdə işimizi davam etdirməliyik və ölkəmizin maraqlarını bütün səviyyələrdə həyata keçirməliyik, bu məsələləri həll etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Keçirik gündəliyin birinci məsələsinə. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında. Buyursun Vüqar Gülməmmədov.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri və qonaqlar! Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabat mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilərək sizə təqdim olunmuşdur. Kənar dövlət maliyyə nəzarəti funksiyasını yerinə yetirən bir orqan olaraq hesabat ilinin nəticələrinə dair hazırlanmış hesabatın əsas məğzini diqqətinizə çatdırmaq istərdim.
Hesablama Palatasının kollegiyası hesabat ili üzrə iş planına uyğun olaraq 59 və əvvəlki ildən başlayan və 2017-ci ildə sona çatan bir tədbir olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul etmişdir. Nəzarət tədbirlərinin 10-u analitik təhlil, 50-i audit formasında həyata keçirilmiş, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə etmişdir. Hesabat ilində başa çatdırılmış tədbirlərin sayı 2016-cı illə müqayisədə 20,2 faiz az olsa da, tədbirlərin əhatə dairəsi genişləndirilmiş və əvvəlki illə müqayisədə təqribən iki dəfədən çoxdur. Əhatə edilmiş vəsaitlərin 79,2 faizi 2015–2016-cı illərə və 12,3 faizi 2017-ci ilə aid olmuşdur. Hesabat ilində dövlət büdcəsindən tam maliyyələşən təşkilatlarla yanaşı, 5 səhmdar cəmiyyətinin və 1 məhdud məsuliyyətli cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti audit edilmiş, məcburi dövlət sosial sığorta haqların hesablanması və ödənilməsi, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini əhatə edən 6 nəzarət tədbir aparılmışdır.
Məlumunuz olduğu kimi, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində islahatların tərkib hissəsi kimi bir sıra qanunvericilik aktlarına mühüm dəyişikliklər edilmişdir. Cənab Prezident tərəfindən həyata keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatə dairəsinin daha da genişləndirilməsinə, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsini təmin etməklə hesabatlılığın və şəffaflığın artırılmasına xidmət edir, eyni zamanda, maliyyə və prosedur nöqsanlarının müəyyən edilməsinə sistemli yanaşma təmin edilir və təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
Hörmətli millət vəkilləri, indi isə müəyyən edilmiş nöqsanların xarakteri ilə bağlı məlumatları diqqətinizə çatdırmaq istərdim. Nöqsan təsnifatına uyğun olaraq, Hesablama Palatası tərəfindən 8 istiqamətdə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilmişdir. Qeyd edim ki, bu, bir audit tədbirinə orta hesabla 13,8 nöqsan düşdüyünü göstərir və 2016-cı ilin göstəricisindən 2,6 vahid çoxdur. Hesabat ilində büdcə qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi, mühasibat uçotu və hesabatların tərtibi, həmçinin dövlət satınalmaları ilə bağlı sahələrdə nöqsanların xüsusi çəkisi daha çoxdur. Vurğulanmalı məqamların biri isə hər üç istiqamət üzrə müəyyən edilmiş nöqsanların sayının bir nəzarət tədbirinə düşən orta göstəricisində də artımın olmasıdır. Nəzarət tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 milyon manat, dövlət təsərrüfat qurumlarının hesabına isə 1,7 milyon manat olmaqla ümumilikdə 18 milyon manat vəsaitin bərpasına nail olunmuşdur. Ümumiyyətlə, qeyd edim ki, bərpa edilmiş vəsaitlərin strukturunda 2016-cı ildə olduğu kimi 2017-ci ildə də dövlət gəlirləri sahəsində qanunvericiliyin pozulması nəticəsində bərpa edilmiş vəsaitlərin xüsusi çəkisi daha böyük olmuşdur. Hesabat ilində bu, ümumi bərpanın 34,4 faizinə bərabərdir. Vəsaitlərin bərpası ilə yanaşı, nəzarət tədbirlərinin nəticəsi kimi bir sıra tədbirlər də həyata keçirilmişdir. Həmin tədbirlər barədə ətraflı məlumatların hesabata daxil edildiyini nəzərə alaraq diqqətinizə bir neçəsini çatdırmaq istəyirəm.
2017-ci ildə 4,5 milyon manat məbləğində işlərin görülməsi, 323,1 min manat məbləğində inventar və avadanlığın qurumlara çatdırılması təmin edilmiş, dövlət büdcəsi qarşısında 9,3 milyon manat məbləğində borc bağlanmışdır. Hesabat ilində bir neçə qurum tərəfindən müəyyən edilmiş nöqsanlara görə bəzi tədbirlər tam həyata keçirilməmişdir ki, bu istiqamətdə də ətraflı məlumatlar hesabata daxil edilmişdir. Diqqətə çatdırmaq istərdim ki, bəzi istiqamətlərdə artıq ödənilmiş vəsaitlərin bərpası bu və ya digər səbəblərdən mümkün olmur. Eyni zamanda, artıq hesablanmış və ödənmiş pensiya və müavinətlərin bərpasının hissə-hissə aparılması, müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsində mövcud olan problemlər həmin vəsaitlərin tam bərpa olunmaması riskini artırır.
Qeyd edim ki, vəsaitlərin təyinatının dəyişdirilməsi hallarının qanunvericilik aktlarında müəyyənləşdirilmədiyini nəzərə alaraq, Hesablama Palatası vahid büdcə təsnifatı ilə müəyyən edilmiş funksional və iqtisadi təsnifatın kodlarının dəyişdirilməsi ilə yanaşı, funksional fəaliyyətə, xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsaitin icra edilməsi hallarını təyinatın dəyişdirilməsi halları olaraq qəbul edir. Aparılmış tədbirlərlə təyinatın dəyişdirilməsi istiqamətində inzibati və cinayət məsuliyyətinin müəyyən edildiyi dövrədək 42,1 milyon manat məbləğində təyinat dəyişikliyinə yol verildiyi qənaətinə gəlinmişdir.
Məlumat üçün bildirim ki, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsi istiqamətində müvafiq təkliflərini 2016-cı ildə Nazirlər Kabinetinə təqdim etmişdir. Dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə yanaşı, səmərəli istifadəsi də vacib bir tələbdir və təyinatla bir-biri ilə sıx əlaqədardır. 2017-ci ildə 26 qurumda 92 hal üzrə 83,3 milyon manat məbləğində vəsaitin səmərəsiz istifadəsinə yol verildiyi müəyyən edilmişdir. Maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərindən biri kimi aparılmış ekspert-analitik fəaliyyət çərçivəsində hesabat ilində 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı maliyyə hesabatlarının təhlili aparılmış, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə, dövlət büdcəsinin icrasına dair rəylər hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.
2017-ci ildə ilk dəfə olaraq Hesablama Palatası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə dair rəyini hazırlayaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunması üçün müvafiq qaydada Müşahidə Şurasına təqdim etmişdir. Ekspert-analitik fəaliyyətlə əldə edilmiş nəticələr üzrə maliyyə inzibatçılığının gücləndirilməsi, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.
Hesablama Palatası 2017-ci ildə digər nəzarət orqanları, xüsusilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlığını davam etdirmişdir. Hesabat ilində 4 auditin, o cümlədən dövlət satınalmaları ilə bağlı inzibati xəta halı üzrə 2 tədbirin, yol verilmiş qanunsuz ödənişlərə görə cinayət əlamətləri olan 12 iş olmaqla 2 audit tədbirinin, həmçinin bir araşdırmanın nəticələri üzrə müvafiq materiallar hüquq mühafizə orqanlarına göndərilmişdir. Hüquq mühafizə orqanlarının Hesablama Palatasına təqdim edilmiş məlumatlarına görə, hər bir iş üzrə cinayət işi açılmışdır və tədqiqatlar davam etdirilir. Hesabat ilində bir sıra nəzarət tədbirlərinin nəticələri əsasında büdcə vəsaitlərinin qənaətli icrası, dövlət əmlakından səmərəli istifadə, xarici dövlətlərə verilmiş kreditlər üzrə hesabatlılığın gücləndirilməsi, vergi ödənişləri üzrə inzibatçılığın daha da artırılması istiqamətində müvafiq məlumatlar aidiyyatı dövlət qurumlarına, Nazirlər Kabinetinə, Maliyyə və Vergi nazirliklərinə, Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmuşdur.
Hörmətli millət vəkilləri, ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI-nin qəbul etdiyi auditin təməl prinsipləri haqqında Lima Bəyannaməsi Hesablana Palatasının hesabat vermə səlahiyyətini və borcunu müəyyən edir. Bununla bağlı biz məxfi qaydada keçirilən nəzarət tədbirləri də daxil olmaqla, hər bir tədbir üzrə məlumatları və illik hesabatımızı parlamentə təqdim edirik. Eyni zamanda, açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün milli fəaliyyət planı, həmçinin Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasını təmin etmək üçün hesabat ilində müxtəlif tədbirlər həyata keçirilmişdir. Xüsusilə vurğulamaq istərdim ki, hesabat ilində “Dövlət auditi” adlı rüblük bülletenin nəşrinə başlanmış və bülletenin dörd nömrəsi çapdan çıxmışdır. Hesabat ilində 32 tədbir üzrə məlumatlar Hesablama Palatasının saytında təqdim edilməklə 16 tədbirlə bağlı auditor hesabatlarının xülasəsi bülletendə çap olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Hesablama Palatası 2017-ci ildə 6 ay üzrə məlumatları da açıqlamış, həmin məlumatlar rəsmi internet saytı ilə yanaşı, adını çəkdiyim bülletendə də dərc edilmişdir. Atılan addımlar ali audit qurumlarının dəyər və üstünlükləri, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, həmçinin şəffaflıq və hesabatlılıq prinsipləri ilə bağlı beynəlxalq standartların tələblərinə cavab vermək məqsədini daşımışdır. Bu istiqamətdə atılan addımlardan biri kimi ilk dəfə olaraq 2017-ci ildə ilin altı ayında icra edilmiş dövlət büdcəsi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsi ilə bağlı arayışların ictimaiyyətin dıqqətinə çatdırılmasını vurğulamaq istərdim.
Qeyd edilənlər, həmçinin 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat ilində hazırlanmış rəylərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində atdığımız addımlar Hesablama Palatasının fəaliyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən aparılan dəyərləndirmələrdə yüksək qiymətləndirilmişdir. Belə ki, Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən hazırlanan açıq büdcə indeksi ilə bağlı hesabatda Hesablama Palatasının büdcəyə nəzarət baxımından fəaliyyəti 100 baldan 83 bal səviyyəsində dəyərləndirilmiş və Hesablama Palatası tərəfindən büdcəyə nəzarətin adekvat olduğu qeyd edilmişdir. Ali audit qurumu olaraq əldə etdiyimiz nəticələr üzrə MDB-də lider mövqelərə çatmış, məhz bu yüksək qiymətləndirmə hesabına Azərbaycan büdcəyə nəzarət bloku üzrə Bolqarıstan, Xorvatiya, Macarıstan, Makedoniya, Slovakiya, Türkiyə kimi ölkələri üstələmişdir.
Hörmətli millət vəkilləri, hesabat ili 2015–2017-ci illər üzrə strateji inkişaf planının başa çatma ili olmuş və biz bu planla müəyyən edilmiş 5 əsas istiqamət üzrə çoxsaylı tədbirlər həyata keçirmişik. Hesabat ilində Hesablama Palatasının 2018–2020-ci illər üçün yeni strateji inkişaf planı hazırlanaraq təsdiq edilmişdir. Bu sənəd INTOSAI-nin tövsiyə və standartlarının, həmçinin xarici ölkələrin ali audit qurumlarının təcrübələrinin öyrənilməsi əsasında hazırlanmışdır. Yeni inkişaf planında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin ali audit qurumlarının potensialının gücləndirilməsi ilə bağlı iki qətnaməsi, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi, Hesablama Palatası haqqında yeni qanun layihəsi müasir çağırışlar kimi müəyyən edilmişdir. Bu sənədin digərlərindən fərqli xüsusiyyəti fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üçün əsas nəticə göstəricilərinin müəyyən edilməsidir.
Hesablama Palatasının beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyətində ən mühüm hadisə Azərbaycan tərəfinin ev sahibliyi ilə təşkil edilmiş MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının sessiyası olmuşdur. Hesabat ilində şuranın sessiyasına ev sahibliyi etməklə, Azərbaycan Respublikasının Hesablama Palatası bir illik müddətə şuranın sədri vəzifəsinin icrasına başlamışdır.
Hörmətli millət vəkilləri, Hesablama Palatası son bir neçə ildə olduğu kimi, cari ildə də öz fəaliyyətində yeni yanaşmaların tətbiqini və dövlət audit sisteminin təkmilləşməsi üçün potensial istiqamətlərin müəyyən edilməsini bir hədəf kimi qarşıya qoymuşdur. Nöqsanların tapılması və qeydiyyatı mərhələsindən həmin nöqsanların yaranma ehtimallarının müəyyənləşdirilərək aradan qaldırılması ilə bağlı konstruktiv təkliflərin işlənilməsi, başqa sözlə, büdcə intizamının təhlili mərhələsinə keçid qeyd edilən hədəf istiqamətində vacib addım kimi tərəfimizdən qəbul edilmişdir. Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqribən 3 gün öncə imzaladığı fərman dövlət başçısının kənar dövlət maliyyə nəzarət orqanı olaraq qarşımıza qoyduğu şəffaflığın və hesabatlılığın gücləndirilməsi kimi tələblərin reallaşması istiqamətində bir etimad olaraq qəbul edilməklə, həmçinin qeyd olunan keçidə möhkəm zəmindir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, 2017-ci ildə fəaliyyətlə bağlı hesabatın Hesablama Palatasının kollegiyası tərəfindən təsdiq edilərək, sizə müvafiq qaydada təqdim edilib diqqətinizə çatdırılmaqla hesabatın nəzərə alınmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Vüqar müəllim. Hörmətli millət vəkilləri, 14 həmkarımız yazılıb, əgər etiraz eləmirsinizsə, 5 dəqiqəyə keçək. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri və qonaqlar! Mən ilk öncə istərdim ki, Vüqar Gülməmmədova öz təşəkkürümü bildirim. Həqiqətən də, o və onun komandası ölkədə maliyyə intizamının və maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində əllərindən gələni edirlər. Biz hesabatla tanış olanda görürük ki, bütün dövlət orqanlarında bu və ya digər nöqsanlar, o cümlədən qeyd olunduğu kimi, səhmdar cəmiyyətlərində nöqsanlar aşkar olunub.
Biz hər il Hesablama Palatasının hesabatını müzakirə edərkən, dinləyərkən görürük, çox təəssüf ki, ciddi maliyyə pozuntularına yol verilir və bu vəziyyət davam edir. Bu istiqamətdə vəziyyət yaxşıya doğru dəyişmir. Elə bir yoxlama aparılan obyekt yoxdur ki, orada birində az, birində çox nöqsanlar aşkarlanmasın. Əlbəttə, bəzi nöqsanların aradan qaldırılmasında Hesablama Palatası müəyyən işlər görür, təkliflər verir, cinayət xarakterli əməllər barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, yəni respublika prokurorluğuna materiallar göndərilir. Əlbəttə, müəyyən vəsait dövlət büdcəsinə ödənilir amma sonda nəticələr ürəkaçan deyil.
Mən əvvəllər də söyləmişdim, bu gün də bu məsələni qaldırıram. Bilirsiniz, bizdə büdcə vəsaitləri ilə işləyən, büdcə vəsaitlərini xərcləyən vəzifəli şəxslər elə hesab edirlər ki, bu vəsaitdən istədikləri kim istifadə edə bilər, bəzən də təyinatına uyğun olmayaraq istifadə edə bilər. Əgər bu, digər nəzarətedici orqanlar tərəfindən aşkarlanarsa, ən pis halda həmin vəsaitləri qaytarıb qoyacaqlar yerinə və bununla da məsuliyyətdən azad olacaqlar. Mövcud qanunvericiliyə görə, hüquq fəlsəfəsinə görə, əgər hər hansı formada mənimsənilmiş, yaxud da düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, o şəxs mütləq ya cinayət hüququ qaydasında, ya da intizam qaydasında ciddi məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin qaytarılması cəza tətbiqi zamanı yalnız və yalnız məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər, amma həmin şəxsi məsuliyyətdən azad etməməlidir. Bu da, hesab edirəm ki, artıq dövlət siyasəti olmalıdır, təkcə Hesablama Palatasına aid olan məsələ deyil.
Mən bir məsələyə də diqqət yetirmək istəyirəm. Hər dəfə Hesablama Palatası büdcə layihəsi, yaxud hökumətin hesabatı ilə bağlı rəy verərkən büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər verir, maliyyə hesabatlarının təhlili ilə bağlı debitor və kreditor borcları ilə bağlı nöqsanlar göstərilir, mühasibat uçotunun düzgün aparılmaması ilə bağlı qeydlər verilir, nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər verilir. Bu gün də hörmətli Vüqar müəllim qeyd etdi ki, bu və ya digər məsələlərin gələcəkdə baş verməməsi üçün Nazirlər Kabinetinə müxtəlif təkliflər verirlər. Elə bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflər var. Hesablama Palatasının hər dəfə büdcə layihəsinə verdiyi rəylə tanış olarkən görürük ki, orada çox dəyərli təkliflər var. Mən çox istərdim biləm ki, dəyərli təkliflərin hansı hissəsi nəzərə alınır. Ümumiyyətlə, bu gün verilmiş təklifləri, hesab edirəm ki, hökmən bizim parlamentin müvafiq komitələrinin müzakirəsinə çıxarmaq lazımdır. Əgər onlar qəbul olunmayacaqsa, qəbul olunmayacaq, qəbul olunacaqsa, deməli, onları qəbul eləmək lazımdır. Mən hesab edirəm ki, növbəti hesabatlarda Hesablama Palatası həm də bizə məlumat verməlidir ki, onların hər dəfə verdiyi bu təkliflərin hansı hissəsi parlamentin özü tərəfindən, yaxud Nazirlər Kabineti, yəni hökumət tərəfindən nəzərə alınır. Yoxsa, bu təkliflər verilir, əgər onlara əhəmiyyət verən yoxdursa, onda o təklifləri verməkdə məqsəd nədən ibarətdir. Sonda, əlbəttə, mən buna səs verəcəyəm və hesab edirəm ki, Hesablama Palatası bundan sonra da öz işini yüksək...
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının 2017-ci il hesabatı, əlbəttə, əvvəlki hesabatdan tərtibatı ilə, müxtəlifliyi ilə fərqlənir. Ona görə hesab edirəm ki, Hesablama Palatasının bizə təqdim etdiyi hesabat təqdirəlayiqdir. Hesablama Palatasının strateji inkişaf planına uyğun olaraq, Vüqar müəllimin qeyd etdiyi kimi, 2017-ci ildə gördüyü işlər, o cümlədən 2018–2020-ci illərin perspektiv tədbirlər planı haqqında geniş məlumat verildi. Açıq büdcə indeksinə görə Azərbaycan 2017-ci ilin layihəsinə uyğun olaraq 115 ölkə arasında 36-cı yeri tutmuş, nəzarət bloku sistemində yerini bir qədər möhkəmləndirmişdir. Amma bununla yanaşı, büdcədənkənar dövlət fondlarının xərclənməsinin audit yoxlamalarının nəticələrinin qurumlar tərəfindən icrası, o cümlədən yoxlamaların ictimaiyyətə açıqlanması məsələsində müəyyən problemlər vardır.
Hesabat dövründə yekun olaraq 6,9 milyard manat vəsait əhatə olunmuşdur ki, bu da böyük məbləğdir. Bunun da əsasən 55 faizi sənaye, tikinti sahəsini əhatə edir. Dövlət büdcəsinin gəlir və xərc hissələri ilə əlaqədar aparılan bütün nəzarət tədbirləri nəticəsində çox ciddi nöqsanlar aşkar edilmişdir. Təsəvvür edin ki, Hesablama Palatasının apardığı 70 nəzarət tədbirinin hamısında ciddi nöqsanlar aşkar edilmişdir. Bunlar, qruplara ayrılsa, ayrılan vəsaitlərin düzgün istifadə edilməməsi, büdcə qanunvericiliyinə əməl olunmaması, dövlət borcu sahəsində ciddi problemin olması, dövlət satınalmaları sahəsində problemin olması, büdcə gəlirlərinin düzgün hesablanmaması və digər sahələrdir.
Burada diqqət çəkən məsələlərdən əsasən üçünü qeyd etmək istəyirəm. Birinci, dövlət satınalmaları ilə bağlı nöqsanlar hər dəfə Hesablama Palatasının hesabatında öz əksini tapır. Yəni satınalmaların düzgün keçirilməməsi, tenderlərin olmaması, qiymətləndirmə prosesinin düzgün aparılmaması – həmişə bunu görürük. Göstərilən nöqsanların da 36 faizi məhz dövlət satınalmaları ilə əlaqədardır.
İkinci ən ciddi məsələ mühasibat uçotunun düzgün aparılmamasıdır. Bu da nöqsanların təqribən 35 faizini təşkil edir. Biz bu yaxınlarda “Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik etmişik və mühasiblərə cox ciddi tələblər irəli sürmüşük. Bu qanun qüvvəyə mindikdən sonra, ümumiyyətlə, “Mühasibat uçotu haqqında” Qanunun icrasında ciddi problemlər yarana bilər.
Üçüncü ən ciddi məsələ dövlət zəmanəti ilə verilən kreditlərdə yaranmış problemlərdir. Bu da ümumi nöqsanların 11 faizini təşkil edir. Bu üç məsələyə Hesablama Palatası öz işində həmişə diqqət yetirməlidir. Gələcəkdə də elə eləməlidir ki, bu sahədə problem yaranmasın. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda olan debitor və kreditor borcları da ciddi məsələdir. Təsəvvür edin ki, 70-ə yaxın təşkilatda aparılan təhlil debitor borclarının təxminən 2,1 milyard təşkil etdiyini göstərmişdir.
Kredit borcları ilə əlaqədar. Mütəmadi olaraq bu məsələlərə, yoxlamaların nəticələrinə biz toxunuruq. Beş ildə Dövlət büdcəsinə daxil olmuş vəsaitin miqdarı 51,7 milyarddır. Amma biz baxanda ki, ildə təxminən 70 nəzarət tədbiri həyata keçirilir və hər tədbirdə də çox ciddi nöqsanlar aşkar edilir, bu məbləğ olduqca aşağıdır. Bu məbləğ bəlkə də milyardlarla ölçülməlidir. Mən belə hesab edirəm ki, Hesablama Palatası hüquq mühafizə orqanları ilə birlikdə gələcəkdə ora verilən işlərin axıra çatdırılmasına, onun nəticəsində dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına diqqət yetirilməlidir.
Biz Hesablama Palatası haqqında yeni qanun qəbul edəcəyik, indi layihəni ikinci oxunuşa çıxaracağıq. O qanunla əlaqədar da bizim müəyyən təkliflərimiz, tələblərimiz var. Məqsəd Hesablama Palatasının səlahiyyətini artırmaqdan ibarətdir. Çünk ali audit qurumu olan bu palata elə ciddi işləməlidir ki, Azərbaycanın dövlət büdcəsinə ödənişlərdən yayınmalarda ciddi problem yaranmasın və şəffaflıq təmin olunsun. Mən belə hesab edirəm ki, yeni qəbul olunmuş qanunda da biz Hesablama Palatasına əlavə səlahiyyətlər verməliyik ki, Hesablama Palatası normal işləsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hesablama Palatasının hesabatı haqqında ilk növbədə qeyd etmək istəyərdim ki, ildən-ilə daha da püxtələşən bir sənəd ortaya qoyulur. Xeyli iş görülüb. Eyni zamanda, Hesablama Palatası qanunvericilikdə müəyyən edilmiş istiqamətlərdə müsbət dinamizm nümayiş etdirə bilib. Hesablama Palatasının həyata keçirdiyi tədbirlərə diqqət edəndə, hesabatın həm elm tutumlu, həm də praktik əhəmiyyətini nəzərə alanda Hesablama Palatası üzvlərinin peşəkarlıq səviyyəsinin nə qədər yüksək olduğunu xüsusi qeyd etmək yerinə düşər. Bir də, burada Vüqar müəllim də qeyd etdi, Hesablama Palatasının beynəlxalq əlaqələrinin ildən-ilə artması, hesab edirəm ki, Hesablama Palatasının fəaliyyətinin yüksək qiymətləndirilməsi üçün meyarlardan biridir.
Bununla yanaşı, Hesablama Palatasının fəaliyyətində kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçmək istiqamətində bəzi təkliflərimizi də vermək istərdim. İlk növbədə qeyd etmək lazımdır ki, Hesablama Palatasının fəaliyyəti nəticəsində 2017-ci ildə büdcəyə yenidən qaytarılan vəsaiti və digərlərini üst-üstə götürəndə, yuvarlaqlaşdıranda 17 milyon manat edir. Hətta bunun hamısı büdcəyə yönəlmiş olmasa da, 17 milyondan çıxış edəndə Hesablama Palatasının həmin fəaliyyəti nəticəsində qaytarılan vəsait 2017-ci ilin büdcəsi xərclərinin 0,1 faizindən azdır. Bu açıq-aşkar göstərir ki, nəzarət mexanizminin faydalı iş əmsalı xeyli dərəcədə aşağı səviyyədədir. Hesablama Palatası öz fəaliyyətin həyata keçirmək üçün beynəlxalq normalardan istifadə edir. Bir tərəfdən bu yaxşıdır, amma hesab edirəm ki, biz “Azərbaycanda dövlət maliyyə nəzarəti haqqında” Qanun qəbul etmişik və ondan irəli gələn normativ hüquqi aktları da vaxtında qəbul etmək lazımdır ki, özümüzün qanunumuz olsun. Öz qanunumuza istinad edək. Büdcə Məcəlləsinin də qəbulunu sürətləndirmək lazımdır. Hesab edirəm ki, həm Hesablama Palatasının səlahiyyətlərinin artırılması, həm də sadaladığım qanunların sürətlə qəbul edilməsi çox vacib məsələdir.
İkinci qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, göstərildiyinə görə, Hesablama Palatası nöqsanlara yol vermiş 258 nəfər vəzifəli şəxsə qarşı müxtəlif intizam tədbirləri tətbiq edib. Onlardan 9 nəfəri işdən azad olunub, 134 nəfərinə şiddətli töhmət, 138 nəfərinə töhmət verilib, 8 nəfərə ciddi xəbərdarlıq edilib. Hörmətli millət vəkilləri, Azərbaycanda nəzarət mexanizmi paradoksludur. Nəzarət vətəndaşa tətbiq olunanda çox sərtdir. Öz balkonuna bir kərpic qoyanda bir neçə dövlət orqanı onun başının üstünü ala bilir. Amma dövlət hakimiyyət orqanlarında, indi sadaladığım rəqəmlərdən də göründüyü kimi, bu məsələyə yolavermə mexanizm ilə yanaşılır. Beləliklə, yalnız məmur işdən çıxandan sonra məlum olur ki, yüz milyonlarla, milyardlarla pul yeyib. Hesab edirəm ki, bu yanaşmanı köklü surətdə dəyişmək lazımdır.
Vacib hesab etdiyim üçüncü məsələ. Hesablama Palatasının korrupsiyaya qarşı mübarizədə digər təşkilatlarla birlikdə gördüyü işi müsbət qiymətləndirirəm. Amma hesab etmirəm ki, Hesablama Palatası korrupsiyaya qurşananın əlindən tutub Baş prokurorluğa təqdim etməlidir. O, korrupsiyaya qurşanana qədər onun yolunu kəsmək, onun imkanlarını məhdudlaşdırmaq istiqamətində getməlidir. Bunun da yolları aydın şəkildə görünür. Məsələn, dövlət vəsaitindən istifadədə israfçılıq var, dövlət vəsaitindən istifadə zamanı 2–3 dəfə artıq qiymətləndirməyə yol verirlər. Hər hansı obyekt tikilən zaman həmin obyektə 1, 2, 3 dəfə vəsait ayırırlar. Hesab edirəm ki, Hesablama Palatası məhz bu sadaladığım çatışmazlıqların üzərinə getməlidir. Bu istiqamətdə parlamentdə də xeyli məsələlər qalxır. Deputat sorğuları var. Məsələn, gübrə 12–14 manatadır, niyə onu 22–23 manata satırlar? İndiyə qədər Hesablama Palatası bu istiqamətdə iş görmür. Bu bilavasitə kənd təsərrüfatının inkişafına zərbə vuran məsələdir. Bu istiqamətdə çox şeylər demək olar, amma Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirirəm. Səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabatı ciddi araşdırmalara, audit nəticələrinə, ekspert, analitik tədbirlərə, real faktlara əsaslanan bir hesabatdır. Ən başlıcası, qanunvericiliyin aliliyini özündə ehtiva edən, prinsipiallığı və şəffaflığı ilə seçilən bir sənəddir. Hesabat mükəmməl hazırlanıb. O nəinki palatanın 2017-ci ildəki fəaliyyətini əhatə edir, həm də ali audit orqanın gələcək işləri, qarşıda duran vəzifələri, strateji inkişaf planları haqqında hər birimizdə aydın təsəvvür yaradır.
Hesabatdan göründüyü kimi, palatanın keçənilki fəaliyyəti çoxşaxəli, gərgin və uğurlu olmuşdur. İl ərzində 36 kollegiya iclasının təşkil olunması, 166 iş üzrə materialların müzakirə edilməsi, büdcə ilə əlaqədar müəyyən rəylərin, analitik təhlillərin hazırlanması, beynəlxalq audit qurumları ilə əlaqələrin möhkəmləndirilməsi işin səmərəli təşkilinin nəticəsi kimi qiymətləndirilməlidir. Xüsusilə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində Hesablama Palatasının son illərdəki fəaliyyəti diqqəti cəlb edir. Dövlət büdcəsinin gəlirlərini təmin edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin regional strukturlarında, Dövlət Sosial Müdafiə Fondunda, digər qurumlarda aparılmış yoxlamalar nəticəsində aşkar olunan maliyyə çatışmazlıqları bunu deməyə əsas verir. Nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən olunmuş, lazımi tədbirlər görülərək xeyli vəsait dövlət büdcəsinə bərpa olunmuşdur.
Palata rəhbərliyinin işin səmərəliliyini artırmaq məqsədi ilə hesabatda müəyyən təkliflərlə çıxış etməsi də müsbət hal kimi dəyərləndirilir. Bu, gələcəkdə müəyyən qanunlarda, Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında” Qanunda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunvericilik sənədlərində müəyyən dəyişikliklər etməyi zərurətə çevirir. Əlbəttə, verilən təkliflər işlərin operativ yerinə yetirilməsi və səmərəli təşkili üçün vacibdir. 2017-ci ildə iş planı əsasında həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi kimi, müəyyən qurumlar tərəfindən yol verilmiş nöqsanların təsnifatının hesabatda cədvəl halında verilməsi aşkarlığın və şəffaflığın nümunəsi kimi xarakterikdir. Hesablama Palatası tərəfindən aşkara çıxarılmış belə nöqsanların müntəzəm olaraq bu orqanın mətbuat xidməti vasitəsi ilə mətbuatda, televiziyada geniş işıqlandırılması işin xeyrinə ola bilər. Əhali palatanın fəaliyyəti ilə əlaqədar daha geniş məlumatlara malik olar.
Milli Məclisin orqanı kimi Hesablama Palatasının səmərəli fəaliyyəti parlament üçün də müsbət göstəricidir. Elə bilirəm ki, bu gün gündəlikdə duran Hesablama Palatası haqqında qanun layihəsinin qəbulu da audit orqanının gələcək fəaliyyətində mühüm rol oynayacaq, onun işinin qanunvericilik əsasında təşkilinə təkan verəcəkdir. Mən hesabatı məqbul hesab edirəm və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Hesablama Palatasının 2017-ci ildəki fəaliyyətinə dair hesabatı mövcud qanunvericiliyə uyğun hazırlanmışdır. Hesabat dərin elmi təhlilə əsaslanır, dolğundur, tənqid və təkliflərlə zəngindir. Ümumiyyətlə, bu qurum haqqında biz yalnız yaxşı sözlər söyləyə bilərik. Gələcək fəaliyyətlərində də ona uğurlar arzulayıram.
Hesablama Palatasının sədrinin də qeyd etdiyi kimi, ötən il aparılan nəzarət-audit tədbirləri nəticəsində büdcədən kənarlaşmış 18 milyona yaxın vəsait dövlət büdcəsinə qaytarılmışdır. Təkcə Dövlət Sosial Müdafiə Fondunun bir neçə şöbəsində aparılan yoxlamalar nəticəsində 1 milyon 120 min manat kənarlaşmış vəsait dövlət büdcəsinə qaytarılmışdır. Mən düşünürəm ki, Dövlət Sosial Müdafiə Fondunun cəmi bir neçə struktur bölməsində aparılan yoxlamalar zamanı ciddi nöqsanların aşkar edilməsi bu qurumun fəaliyyətinin daha dərin və ətraflı yoxlanması zərurətini ortaya qoyur. Hesablama Palatasından xahiş edirəm ki, gələcəkdə bu qurumun fəaliyyətində nöqsanların aşkar edilməsinə daha geniş fikir versinlər. Başqa bir təklifim nədən ibarətdir? İldə 150–160 min yeni iş yeri açılır və bu iş yerlərindəki əmək haqları təxminən respublika üzrə orta aylıq əmək haqqı səviyyəsindədir. Amma Dövlət Sosial Müdafiə Fondunda toplanan sosial sığorta haqlarının nisbəti bu iş yerlərinin nisbətinə uyğun deyil və xeyli azdır. Hesablama Palatası araşdırıb müəyyən etməlidir ki, ya bu iş yerlərinin sayına dair rəqəmlər doğru deyildir, ya da burada hər hansı qanun pozuntuları var. Düşünürəm ki, Dövlət Sosial Müdafiə Fondunun hesabatında da qeyd edildiyi kimi, ünvanlı sosial yardım və əlilliyin təyinat göstəricilər orta respublika göstəricilərindən yüksək olan rayonlarda Hesablama Palatası ciddi nəzarət işləri aparmalı, yoxlamalar aparmalıdır. Hesablama Palatası bu nöqsanların baş verməsinə səbəb olan halların istər qanunvericilik səviyyəsində, istərsə də təlimatlar səviyyəsində aşkara çıxarılması və aradan qaldırılması barədə öz təkliflərini verməlidir.
Hesablama Palatasının sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı verdiyi təklifləri də mən müsbət qiymətləndirərəm və düşünürəm ki, Milli Məclisin müvafiq şöbələri və komitələri bu təkliflərin araşdırmasına öz töhfələrini verəcəklər. Hesablama Palatası şəkərli diabet üzrə dövlət proqramı çərçivəsində ayrılan vəsaitin xərclənməsinə dair vəziyyəti də geniş təhlil etmişdir. İstər nöqsanların aşkar edilməsi, istərsə də təkliflərin verilməsi məqamları ilə də mən razıyam. Amma eyni zamanda, təklif edirəm ki, səhiyyə sahəsində dövlət proqramlarının icra vəziyyətinin araşdırılması zamanı Hesablama Palatası yoxlama-audit komissiyasına bu sahənin mütəxəssislərini də cəlb etsin, çünki səhiyyə spesifik bir sahədir. Burada təkcə hüququn və iqtisadiyyatın məntiqindən çıxış etdikdə çox zaman düzgün qərar verməmək halları ortaya çıxır. Məsələn, rəydə şəkərli diabet üzrə dövlət proqramının icrasının müsbət tərəfi kimi göstərilir ki, xəstələrin əksəriyyət özünə nəzarət vasitələri, qlükometrlərlə təmin olunmuşdur. Əslində, indiyə qədər ehtiyacı olan xəstələrin hamısı qlükometrlərlə təchiz edilməliydi. Çünki bu proqram 10 ildən çoxdur ki, davam edir.
Hesabatda göstərilir ki, ötən il özünə nəzarət vasitələri ilə təminat üçün bir xəstəyə təxminən 13 manat vəsait ayrılmışdır. Amma reallıqda bu 13 manat vəsaitə yalnız bir aylıq test çubuğu, tester almaq mümkündür. Yəni bu vəsait dəfələrlə artıq olmalıdır. Bütövlükdə isə şəkərli diabetə ayrılan vəsait son 4 ildə artmadığından, şəkərli diabet xəstələrinin sayı isə ildə 20 min nəfər artdığından bu sahədə maliyyələşmə ilə bağlı çox ciddi problemlər var. Bu da ki, şübhəsiz, vətəndaşlarımızın müalicəsinin effektivliyini aşağı salır. Bütövlükdə mən hesab edirəm ki, Hesablama Palatasının fəaliyyət çox müsbətdir. Gələcək işlərində uğurlar arzulayıram və fəaliyyətinin qənaətbəxş qəbul edilməsini təklif edirəm.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Hər şeydən öncə, icazə verin, 11 ayın sultanı Ramazan ayının daxil olması münasibəti ilə millətimi və bütün islam ümmətini təbrik edim, onlara uğurlar arzulayım. Üçüncü dəfədir, hesabatın müzakirəsində iştirak edirəm, hər üçündə Hesablama Palatası haqqında beynimdə müsbət fikirlər var. Mən bəzən bunu düşünəndə səbəbi onunla bağlayıram ki, bu kollektiv, doğrudan da, çox sağlam kollektivdir. Burada da qeyd olundu, hesabatlarda innovativ cəhətlər üstündür, yeni sxemlər, yeni qaydalar, beynəlxalq praktikaya uyğunluq və sair özünü göstərir. Yəni Hesablama Palatası öz üzərində məsuliyyət hiss edir. Onun işini çox təqdir edirəm və hesabatının da qəbul edilməsinin tərəfdarıyam.
Eyni zamanda, bu hesabatlar, nəzarət və yoxlamalar nəyi göstərir? Buna mən sonra da çıxışımda toxunacağam. Bu onu göstərir ki, müəyyən bir çatışmazlıq hiss edilir. Azərbaycanda bütün dövlət orqanlarında, yaxud audit nəzarətində olan bütün orqanlarda avtomatlaşdırılmış elektron baza sistemi yaradılmalıdır. Əgər yaradılmasa, hər dəfə bir-birinə bağlı olmayan, – indi konkret bu hesabatla bağlı onu misal çəkəcəyəm, – nöqsanlar üzə çıxacaq. Bəzi hallarda mən görürəm, hətta mətbuata, sosial şəbəkələrə yansıyır, nəinki adi adamlar, ciddi adamlar da buna toxunur. Yəni obyektiv və texniki səbəbləri subyektiv amillə bağlayırlar. Bu da ki, müəyyən çaşqınlıq yaradır. Hesab edirəm ki, bunu eləmək lazımdır.
Diqqətimi bir şey də cəlb etdi. Bu yaxınlarda Avrasiya Birliyinin Soçidə forumu keçiriləndə Qırğızıstan prezidenti, hətta bu birlik daxilində elektron sisteminin tətbiqi təklifini irəli sürdü. Ona görə də mən bunu çox ciddi şəkildə xatırlatmaq istərdim.
İndi isə bir qədər də hesabatla bağlı konkret məsələlərə toxunmaq istəyirəm. Burada toxunuldu, hesabat ilində təxminən 15 milyon manat vəsait bərpa olunub. Hər halda gücü çatan qədər olmuşdur. Hesabatın 44-cü səhifəsində qeyd olunur ki, müxtəlif texniki səbəblərdən vətəndaşlara artıq ödənilmiş ünvanlı sosial yardımın və müavinətlərin 103 min manatı kart hesablarında qaldığından dərhal həmin vəsaitlər büdcəyə qaytarılmışdır. Hesablama Palatası bunu təmin etdiyinə görə onun işini müsbət qiymətləndirmək olar. Ümumiyyətlə, fikrimcə, sistemin avtomatlaşdırılması tam başa çatanadək belə halların ola biləcəyi istisna deyil. Çünki insanların ünvanlı sosial yardım üçün sistemə daxil etdikləri göstəriciləri yalnız bütün digər dövlət orqanlarının elektron məlumat bazası olduqda dəqiq yoxlamaq mümkündür. Bu hal hesabatda göstərilir və sosial şəbəkələrdə yer aldığına görə bu misalları çəkmək istəyirəm. Bu hal özünü pensiya ödənməsində də göstərir. Məsələn, ölüm haqqında şəhadətnamələrin tam elektron bazasının olmaması pensiyaçıların vəfatı zamanı onların kart hesablarının avtomatik bağlanmasına imkan vermir. Elə hallar var ki, məsələn, pensiyaçı Bakıda daimi qeydiyyatdadır və köçür gedir, Gürcüstanda yaşayır və orada vəfat edir. Amma kartı vaxtında qaytarmırlar, o kartın müddəti qurtarana qədər o kodu bilən ailə üzvlərinin hər hansı bir vəfat etmiş şəxsin ailə üzvü kimi o pensiyanı ala bilir. Bu, göründüyü kimi, obyektiv texniki səbəbdir. Lakin bunun subyektiv səbəbi kimi bütün mətbuatda, hər yerdə deyilir ki, burada nə isə subyektiv mənafe vardır. Təbii ki, bütün bunların qarşısının alınmasının tək yolu elektronlaşmanın başa çatdırılmasıdır. Yəni vətəndaşların öz pensiyaçı qohumlarının vəfatı haqqında məlumatı kağız şəklində şöbəyə təqdim etməsi, göstərməsi və bundan sonra onun hesabının bağlanması praktikasına son qoyulmasındam ibarətdir. VVAQ sistemində, Ədliyyə Nazirliyinin şöbələrində ölüm haqqında şəhadətnamələrin elektron məlumat bazasının formalaşdırılması və həmin bazaya fondun şöbələrinin onlayn daxil olmasına imkan yaradılması lazımdır ki, ölüm şəhadətnamələri dərhal elektron sistemə daxil olsun, o şöbələr bilsin ki, bu artıq vəfat edibdir. Bu fakt sonradan müəyyənləşdirildikdə də artıq aldığı pensiyanın...
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, cənab Sədr. Mən də Azərbaycan Respublikası Hesablama Palatasının hesabatını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, cənab Gülməmmədov çox bacarıqlı bir kadr kim özünü dəfələrlə təsdiq edibdir, budəfəki hesabatında da mükəmməl komandasının olduğu görünür. Burada elə detallara toxunulubdur ki, açığı, adamda o detalları üzə çıxarmağın, hətta qeyri-mümkünlüyü təsəvvürü yaranır. Amma çox gözəl haldır ki, bu məsələlər bu şəkildə ortaya çıxarılıb, bunların aradan qaldırılması barədə təkliflər hazırlanıbdır.
Hesab edirəm ki, kadrlar hər işin normal getməsi üçün əsas amillərdən biridir. Bu gün biz parlamentdə məsələlərə tənqidi yanaşanda bunun ictimai rəydə, mediada yalnız müsbət əks-sədası olur. Mən görürəm ki, bütün sahələrlə bağlı olaraq heç kəsə güzəşt etmədən çatışmazlıqları Hesablama Palatası ortaya qoyubdur və bu, gələcəkdə kadr siyasəti ilə də bağlı atılacaq addımlara dəstək olur. Özü də son zamanlar edilmiş kadr dəyişikliklərini göz önünə gətirəndə, olduqca təmiz, bacarıqlı, dürüst, savadlı adamların iş başına gətirilməsi bizdə o əminliyi yaradır ki, bu sahələrdə də çox ciddi dəyişikliklər olacaqdır. Dəyişikliklər olan nazirliklərlə bağlı araşdırmalar onu göstərir ki, Hesablama Palatasında olan çatışmazlıqlar da çox normal şəkildə üzə çıxarılıbdır və onların aradan qaldırılması üçün müəyyən tədbirlərin görülməsi mümkündür.
Amma büdcədən yayındırılan, yaxud oğurlanmış vəsaitlərin geri qaytarılması ilə bağlı müəyyən miqdar vəsaitlər göstərilsə də bir çox sahələrdə götürülmüş vəsaitlərin geri qaytarılması ilə bağlı burada bəndlər yoxdur və vəsaitlər göstərilmir. Mən hesab edirəm ki, bəlkə hər dəfə yeni hesabat təqdim olunanda köhnə dönəmdə təqdim olunmuş hesabatlarda geri qaytarılmalı vəsaitlər, səlahiyyətlərindən sui-istifadə edib vəsaitləri fərqli istiqamətdə xərcləyənlər, yaxud da israfçılıq edənlər haqqında məlumatların, onlar haqqında görülmüş tədbirlərə dair bilgilərin hər dəfə yeni hesabata daxil edilməsi daha yaxşı olar. Görünsün ki, Hesablama Palatasının gördüyü işlər havada qalmır. Təbii ki, Milli Məclisin də bu məsələlərdə ciddi şəkildə dəstək verməsinə ehtiyac vardır, çünk burda söylənən sözlər havada qalmazsa, bu məsələlər yerinə yetirilərsə, ictimaiyyət də görülmüş işlər haqqında məlumatlı olar. Yeri gəlmişkən, bildirim ki, bu məsələlərin geniş şəkildə ictimailəşdirilməsinə də çox ciddi ehtiyac vardır. Hətta hesabatın özündə olan bir çox müddəaların ictimailəşdirilməsinə çox ciddi ehtiyac vardır. Onda bəzi nazirliklərdə, müəssisələrdə, büdcə təşkilatlarında korrupsiyaya aparan yolların qapanması ilə bağlı profilaktik tədbirlər görmək mümkün olar.
Ümumiyyətlə, hesabat çox mükəmməl hazırlanıbdır və mən hesab edirəm ki, əlbəttə, mükəmməlliyi ilə yanaşı, bayaq göstərdiyim bəzi məsələlərin, xüsusən büdcəyə vəsaitlərin qaytarılması, israfçılıqla bağlı məsələlərin daha geniş şəkildə, həm də adlı olaraq göstərilməsi daha məqsədəuyğun olardı. Mən bu hesabatın müdafiə olunmasının tərəfindəyəm və Hesablama Palatasına gördüyü bu mükəmməl iş üçün təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yazılmış həmkarlarımızdan təkid edən var? Yazılan həmkarlardan təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Vüqar müəllim, buyurun, sonra səsverməyə keçərik.
V.Gülməmmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bütün millət vəkillərinə təqdim etdikləri təkliflərə və bizim hesabatı dəyərləndirməklə bağlı olan iradlara görə bir daha minnətdarlığımı bildirirəm. Oqtay müəllim, icazə olsaydı, onların bəzilərinə kiçik də olsa, izah verərdim. Deməli, Qüdrət müəllimin və Vahid müəllim Əhmədovun qeyd etdikləri məsələlər ali audit qurumu tərəfindən verilən tövsiyə və təkliflərin həmin auditin aparıldığı obyekt tərəfindən necə yerinə yetirilməsi ilə bağlıdır. Qeyd edim ki, Hesablama Palatasının fəaliyyəti Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən qiymətləndirilərkən zəif qiymət almışdır və həm Qüdrət müəllim, həm də Vahid müəllim bu məsələni çox dəqiq təsvir etdilər. Onlar da qeyd etdilər ki, audit olunan obyekt audit nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı gördüyü işlər barəsində ictimaiyyəti məlumatlandırmalıdır. Bu bir. İkinci bir məsələ. Dövlət büdcəsinə bərpa ilə bağlı məsələni Əli müəllim də qeyd etdi. Mən çıxışımda da dedim, bu, hesabatda da var. 18 milyon manat vəsaitin bərpasına nail olunub. Lakin bu vəsaitin üzərinə hüquq mühafizə orqanlarına göndərilən, cinayət əlamətləri olduğu ehtimal edilən materialları da əlavə etmək lazımdır. Bu məbləğin üzərinə səmərəsiz xərclənmiş vəsaitləri də əlavə etmək lazımdır.
Eyni zamanda, çıxışda da bunu qeyd etdim, bərpası mümkün olmayan vəsaitlər də var. Məsuliyyətin müəyyən edilməsi ilə bağlı problemlərin mövcudluğu nəticəsində elə məbləğlər var ki, onların bərpası mümkün olmur. Yəni bu məsələlərin nəzərə alınmasını xahiş edərdim. Millət vəkili Musa müəllimin dediyi məsələ – büdcədənkənar fondların, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun və onun struktur vahidlərinin auditi daimi bizim diqqətimizdədir. Sadəcə, bu struktur vahidləri tərəfindən xərclənən vəsaitin tam əhatə edilməsi... Bir büdcə ili ərzində biz yalnız seçmə üsulu ilə audit tədbirləri aparırıq. Bu, analitik təhlillərin nəticəsində ortaya çıxan faktların sadəcə konstatasiyasıdır. Mən bir daha bütün millət vəkillərinə fəaliyyətimizə verdikləri dəyərə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hamı təklif etdi ki, hesabat nəzərə alınsın. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən xahiş edirəm, gündəliyin 10-cu məsələsini, yəni Hesablama Palatası haqqında qanun layihəsinin ikinci oxunuşunu irəli keçirək. Hesablama Palatasının hesabatı ilə qurtaraq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəliyin 10-cu məsələsi – Hesablama Palatası haqqında qanun layihəsinin ikinci oxunuşu. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir qədər əvvəl Milli Məclis özünün yaratdığı ali audit qurumu olan Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlədi. Hörmətli Vüqar müəllim palatanın fəaliyyəti, görülən işlər haqqında kifayət qədər məlumat verdi. Eyni zamanda, Milli Məclis üzvlərinə paylanan 2017-ci il hesabatı da kifayət qədər sanballı və keyfiyyətli hazırlanmışdır və burada həmkarlarımız qeyd etdilər ki, əvvəlki illərdən fərqli olaraq müasir texnologiyalar tətbiq edilmiş, müasir keyfiyyət standartlarına istinad edilmişdir. Bütövlükdə hesabatın təqdimatı bir daha göstərir ki, Hesablama Palatasının fəaliyyətində son illər əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verir və bütün bunlar ölkəmizdə aparılan iqtisadi islahatların keyfiyyətinin daha da yüksəldilməsinə, dövlət büdcəsi vəsaitlərindən daha səmərəli istifadə olunmasına, onların şəffaflığının artırılmasına kömək edir.
Hesablama Palatasının yoxlamaları dövlətin və cəmiyyətin maraqlarına xidmət edir və bu sahədə çevik hüquqi bazanın yaradılması vacib şərtlərdən biridir. Yeni qanunun qəbulu praktikada rast gəlinən bir çox problemlərin həllinə gətirib çıxardacaqdır ki, buraya da kommersiya sirri və digər sirr təşkil edən məlumatlar, eləcə də fərdi məlumatlar daxil olmaqla, audit üçün zəruri olan bütün məlumatların və sənədlərin əldə olunması, eyni zamanda, həmin məlumatların qorunması öhdəliyi dövlət vəsaiti hesabına olan vəsaitlərin əhatə dairəsinin dəqiqləşdirilməsi və bu sahədə qeyri-müəyyənliklərin aradan qaldırılması, palata ilə yoxlama obyekti olan təşkilatlar arasında münasibətlərin daha dəqiq tənzimlənməsi, palata əməkdaşlarının bilik və bacarıqlarının mütəmadi artırılması və digər məsələlər aid edilə bilər. Hörmətli Oqtay müəllim, məlumat vermək istəyirəm ki, Hesablama Palatası haqqında qanun layihəsi ikinci oxunuşda Milli Məclisin komitəsində ətraflı, geniş müzakirə olundu. Kifayət qədər sanballı, səmərəli fikirlər söylənildi, birmənalı şəkildə bildirildi ki, belə bir qanunun qəbulu müasir dövrdə son dərəcədə vacibdir. Məlum olduğu kimi, birinci oxunuşda millət vəkilləri hörmətli Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Çingiz Qənizadə, Tahir Mirkişili çıxış edərək öz rəy və təkliflərini bildirmişdilər. Birinci oxunuşda səslənən təkliflər əsasında layihə üzərində həyata keçirilən müəyyən işlərdən sonra qanun layihəsi ikinci oxunuşa hazırlanmış və sizin müzakirənizə təqdim olunmuşdur.
Birinci oxunuşdan sonra qanun layihəsi üzərində aparılan işlər barədə qısaca məlumat vermək istəyirəm. Bütövlükdə qanun layihəsinin ikinci oxunuşa hazırlanması zamanı 41 maddədən 31-nə əlavə və düzəlişlər edilmişdir. Hörmətli millət vəkillərinin təklifi ilə Hesablama Palatası üzvünün səlahiyyət müddəti ərzində cinayət məsuliyyətinə cəlb edilməsinin, tutulma və ya həbs edilməsinin məhdudlaşdırılması ilə bağlı 13.3-cü maddə yenidən işlənmiş və cinayət başında yaxalanma halları istisna edilmişdir. Hesab edirəm ki, bu, Konstitusiya ilə müəyyən olunmuş toxunulmazlıq hüququnun fəlsəfəsinə tamamilə uyğundur. Hesablama Palatasının üzvlüyünə aid tələbləri nəzərdə tutan 12.2-ci maddə dəqiqləşdirilmiş və məhkumluqla bağlı tələblər daha da sərtləşdirilmişdir. Yən korrupsiya cinayətlərinə və qulluq mənafeyi əleyhinə olan cinayətlərə, dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, iqtisadi fəaliyyət sahəsində cinayətlərə eləcə də, hansı sahədə olmasından asılı olmayaraq, istənilən ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Hesablama Palatasının üzvü ola bilməzlər. Bundan başqa, rəy və təkliflər əsasında Hesablama Palatasının maliyyə, büdcə nəzarəti və analitik fəaliyyət, monitorinqlər aparılması, obyektlərin və onların struktur vahidlərinin elektron uçot məlumat bazalarına çıxış imkanlarının yaradılması, obyektlərin fəaliyyəti ilə əlaqəli sahələrə daxil olma, müvafiq şəxslərdən və auditin predmeti ilə əlaqədar digər şəxslərdən izahatlar, arayışlar və məlumatların alınması ilə bağlı müddəalara yenidən nəzər yetirilmiş, palataya qanunla müəyyən edilmiş hallarda inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti verilmiş, auditin nəticələri ilə bağlı daxil olmuş şikayətlərə palatanın kollegiyasında baxılmasının müddəti və qaydası müəyyən olunmuş, bir sıra dəqiqləşdirmə və düzəlişlər edilmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, eyni zamanda, komitənin iclasında bir sıra maddələrin daha da dəqiqləşməsi ilə əlaqədar fikirlər səsləndi. Hazırda Milli Məclisin komitəsində şöbənin iştirakı ilə işçi qrupu yaradılmışdır ki, həmin təkliflər daha ətraflı nəzərdən keçirilsin və növbəti, üçüncü oxunuş üçün sizin diqqətinizə çatdırılsın. Hörmətli millət vəkilləri Vahid müəllim, Tahir Mirkişili, Əli Məsimli, Aydın Hüseynov, digər yoldaşlar Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini vermişdilər ki, onların da hazırda nəzərə alınması, müzakirə olunması prosesi gedir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, bunu nəzərə alsınlar. Azərbaycan cəmiyyəti üçün, Azərbaycanın gündən-günə artan iqtisadi uğurlarının daha çox olması üçün, iqtisadi inkişafa ayrılan dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün bu qanunun vaxtında qəbul olunmasına ehtiyac var. Hesab edirəm ki, qısa zaman kəsiyində biz Hesablama Palatası və digər strukturlarla birlikdə təklifləri nəzərə alacağıq və sizin diqqətinizə daha təkmil bir qanun layihəsi təqdim ediləcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bu ikinci oxunuşdur, xahiş edirəm, ilk öncə əsas kimi qəbul edilməsinə fikir bildirək.
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, əsas kimi qəbul olundu.
İndi müzakirələrə başlayırıq. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. İlk öncə mən 6-cı maddə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Burada 6.0.3-cü maddədə qeyd olunur ki, Hesablama Palatası həmçinin dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir. Hesab edirəm ki, dövlət vəsaitindən necə istifadə olunması məsələsi daha çox siyasi hakimiyyətə aid olan məsələdir, hər bir iqtidara aid olan məsələdir. Sadəcə olaraq, Hesablama Palatası ali audit orqanı kimi həmin o maliyyənin xərclənməs zamanı qanunlara necə əməl olunmasına nəzarət edir. Ona görə də dövlət vəsaitlərindən necə istifadə edilməsinə dair tövsiyə vermək Hesablama Palatasının səlahiyyətinə aid olan məsələ deyil. Bu maddədən həmin o dediyim axırıncı söz birləşməsi çıxarılmalıdır.
Bundan başqa, 7-ci maddədə “Hesablama Palatasının vəzifələri” adlanır. Burada Hesablama Palatasının hesabatını dinləyərkən hörmətli Vahid müəllim də qeyd etdi ki, biz Hesablama Palatasının səlahiyyətlərini genişləndirməliyik. Bəli, mən də düşünürəm ki, bu doğrudur. 7.0.3.10-cu maddədə qeyd olunur ki, “daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası. Bunun ardınca Oqtay müəllim, mən hesab edirəm ki, dövlət borclarının götürülməsi zamanı Hesablama Palatasının rəy verməsi qeyd edilməlidir, çünki buna böyük ehtiyac var. Həmin səhmdar cəmiyyəti, yaxud digər fond vəsait götürərkən Hesablama Palatası onun maliyyə vəziyyətini yoxlamalı və rəy verməlidir ki, götürülən vəsait geri qaytarıla biləcək, yoxsa yox? Büdcəni bölüşdürən orqan kim Milli Məclisin, Hökumətin müvafiq qərarı da Hesablama Palatasının rəyinə əsaslanmalıdır. Biz nə ilə üzləşirik? Bəzi hallarda, dediyim kimi, səhmdar cəmiyyətləri borc götürür, sonra o borcu qaytara bilmirlər və biz məcbur oluruq ki, həmin borcların qaytarılması üçün büdcədən vəsait ayıraq, ona görə ki, o borclar dövlət zəmanəti ilə götürülüb. Bax, burada 7-ci maddəyə belə bir bəndin əlavə olunmasına, düşünürəm ki, çox böyük ehtiyac var. Sonra, 8-ci maddədə Hesablama Palatasının hüquqları göstərilir. 8.0.14-cü maddədə qeyd olunur ki, kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirləri həyata keçirir. Hesablama Palatası hər hansı dövlət orqanında, ümumiyyətlə, yoxlama apardığı orqanda kadr potensialını necə gücləndirə bilər? Yəni hesab edirəm ki, bu müddəa buradan çıxardılmalıdır.
Başqa bir vacib məsələ Hesablama Palatasının üzvlərinin təyin edilməsi ilə bağlı olan 11.3-cü maddədir. Mən birinci oxunuşda da söyləmişdim. Qanunun mətnindən belə görünür ki, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Bu 9 nəfər edir. Bu 9 nəfərin üçünü, hesab edirəm ki, hakim partiya, üçünü bitərəflər, üçünü isə azlıqda qalan partiyalar verməlidirlər. Necə ki, MSK-nı formalaşdırırıq, burada da eyni qaydada verilməlidir və onlar cənab Sədr tərəfindən Milli
Məclisin müzakirəsinə çıxarılıb burada təsdiq olunmalıdır. Bu, daha doğru olar. Bir çox ölkələrdə büdcəyə nəzarət komitəsi var və həmin komitənin üzvlərinin yarısı, bəzi hallarda hətta sədri də azlıqda qalan partiyanın nümayəndəsi olur. Bu, nəzarət mexanizmini daha effektl edir. Bilirsiniz, bu, kollegial orqan olduğuna görə, hörmətli Vüqar müəllim, bu, sədrin səlahiyyətinə aid olan məsələ deyil. Biz kollegial orqanlarla təyinatlı icra orqanlarını qarışdırmamalıyıq. Ona görə bu cür məsələlərin hamısı Hesablama Palatasının kollegiyasında təsdiq olunmalıdır. Bu, birbaşa sədrin səlahiyyətlərinə aid olan məsələ deyil. Bundan başqa, burada qeyd olunur ki, Hesablama Palatası...
Sədrlik edən. Qüdrət müəllim, təklifləri yazılı surətdə ver, biz 5 dəqiqəyə keçmişik. Təklifləri ver. Buyurun, Xanhüseyn Kazımlı.
X.Kazımlı. Hörmətli Sədr, hörmətli kollegiya üzvləri, hörmətl millət vəkilləri və media işçiləri! Mənə elə gəlir ki, bu qanun layihəsi, Ziyad müəllimin dediyi kimi, komitədə müzakirə olunub, qanun layihəsinə əlavələr edilib, özü də bizim komitədə iqtisadiyyatı bilən, iqtisadi sahədə, yaxud hüquqi sahədə tanınmış deputatların olması göz qabağındadır. Ona görə mən belə düşünürəm ki, Azərbaycan tərəqqidədir. Hər bir uğur da müəyyən problemlər yaradır. Bunu da düşünmək lazımdır. Amma ümumiyyətlə, vaxt var idi ki, bizim Hesablama Palatası yox idi. Əlbəttə, bu qanun haqqında, Oqtay müəllimin dediyi kimi, yazılı təkliflər verilə bilər, amma mənə elə gəlir ki, bu çıxışlardan sonra səsə qoymaq daha yaxşı olar.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən də hesab edirəm ki, qanun layihəsi olduqca mükəmməl hazırlanıb və belə bir qanunun qəbul olunması Hesablama Palatasının işinin operativliyini artıracaq, əhatə dairəsini daha dəqiq müəyyən edəcək və bu qurumun fəaliyyətinin daha geniş hüquqi baza əsasında formalaşmasına şərait yaradacaqdır. Qanuna bütövlükdə səs verəcəyəm və qanundakı bütün müddəalarla razıyam, eyni zamanda, qanun layihəsinin 20-ci və 21-ci maddələrinə dair təkliflərimi səsləndirmək istəyirəm. Qanunun 20.4-cü maddəsində söylənilir ki, Hesablama Palatasının illik iş planının tərtibində müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikası Milli Məclisinin sorğu və təklifləri nəzərə alınır. Hesablama Palatasının əsas fəaliyyəti büdcənin auditini aparmaq, büdcə fəaliyyətinə nəzarət etməkdir. “Müvafiq icra hakimiyyəti orqanı” deyəndə burada nə nəzərdə tutulur, mənə aydın deyil. Yəni müvafiq icra hakimiyyəti orqanına təklif və ya sorğu verməlidir ki, gəl, mənim fəaliyyətimi yoxla, ondan sonra yoxlamalıdır onun fəaliyyətini? Yaxud da başqa bir qurumun fəaliyyətini yoxlamaqla bağlı müvafiq icra hakimiyyəti orqanı sorğu verməlidir? Mən hesab edirəm, bu səlahiyyət daha çox Milli Məclisə verilməlidir və burada “Milli Məclisin sorğu və təklifləri nəzərə alınır” ifadəsi “Milli Məclisin deputatlarının sorğu və təklifləri nəzərə alınır” ifadəsi ilə əvəz olunsun. Yəni Milli Məclisdən cənab Sədrin imzası ilə məktublar getməlidir ki, bunu edin. Bu da haradasa müzakirə olunmalıdır. Deputatlara da müəyyən siqnallar, təkliflər və sorğular daxil olur. Hesab edirəm, Milli Məclis deputatlarına səlahiyyət verməliyik, sorğu ilə və yaxud təkliflə Hesablama Palatasının qarşısında məsələ qaldırsınlar ki, gələn il iş planında filan sahədə auditin yoxlamasını nəzərə alsın.
Eyni məsələ 21-ci maddədə növbədənkənar yoxlamalarla bağlıdır. Həmin səlahiyyət Milli Məclisin deputatlarına da verilməlidir ki, əgər deputata ciddi bir siqnal daxil olarsa, yaxud özünün hər hansı düşüncələri olarsa, Hesablama Palatasına sorğu, təklif göndərsin ki, hansı sahədə növbədənkənar audit keçirsin. Bütövlükdə mən qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da layihəni dəstəkləməyə səsləyirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, hörmətli Sədr. Mən ikinci qanun layihəsinə baxdıqda birinci layihə ilə bağlı qaldırılmış müəyyən məsələlərin müsbət həllinin şahidi oluram. Verilmiş təkliflərə reaksiya verilib və bəzi düzəlişlər edilib. İstəyirəm bir neçə maddə ilə bağlı fikir bildirim. Əvvəla, qeyd etmək istəyirəm ki, Hesablama Palatasının hüquqlarının sadalandığı 8.0.14-cü maddədə kadr potensialının gücləndirilməsi ilə bağlı səlahiyyətlər o qədər də geniş deyil. Çünki “Dövlət qulluğu haqqında” Qanuna görə, bu quruma işəgötürmə digər qurumlarda baş verdiyinə görə kadr potensialının gücləndirilməsi ilə bağlı onlara müəyyən əlavə səlahiyyətlərin verilməsi məqsədəuyğun olardı.
Digər maddə ilə bağlı fikrimi bildirirəm. Burada təkrarçılığa yol verilib. Hesablama Palatasının üzvlərinə dair tələblər bölümündə, 12.2-ci maddədə qeyd olunur ki, Hesablama Palatasının üzvləri başqa dövlətlər qarşısında öhdəlikləri olan, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olmuş şəxslər ola bilməzlər. Əvvəla, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərin hamısı ağır cinayətlər kateqoriyasına aiddir. Yəni biz bunu yuxarıda göstəririksə, aşağıda göstərməyə ehtiyac yoxdur. Yaxud yuxarıdakı “dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi” sözlərini çıxarıb “ağır və xüsusilə ağır cinayətlərə görə” sözlərini saxlamaq kifayət edir. Mən hesab edirəm ki, 12-ci maddənin ikinci hissəsində müəyyən redaktə olunmalıdır. Amma bir şeyi də qeyd edim. Tutaq ki, iqtisadi fəaliyyət sahəsində hansısa kiçik cinayətlərə görə məsuliyyət daşımış və məhkum olunmuş şəxslər üstündən 5-6-7 il keçdikdən sonra bu qurumda işləmək üçün imtahan vermək istəyir. Cinayət Məcəlləsinin 83-cü maddəsində “məhkumluğun ödənilməsi” anlayışı var və orada qeyd olunur ki, “Məhkumluq ödənildikdən sonra bununla bağlı bütün hüquqi nəticələr ləğv olunur.” Ona görə burada hüquqşünasların bir balaca işləməsinə ehtiyac var. Məhkumluğu ödənilmiş şəxslərin qarşısını almaqla digər şəxslərin hüquqlarını pozmuş oluruq.
Söhbəti 34-cü maddə ilə bağlı fikrimlə yekunlaşdıracağam. Komitə iclasında mən olmasam da, mətbuatda Hesablama Palatasının üzvlərinin təminatı ilə bağlı bəzi məqamlara rast gəldik. Onların əmək haqlarının, Hesablama Palatasının sədrinin və üzvlərinin əmək haqlarının Milli Məclis Sədrinin birinci müavininin və digərlərinin, – sadalamıram, – əmək haqlarına uyğunlaşdırılması normaldır. Mən bir şeyi xatırlatmaq istəyirəm ki, onlara daha çox əmək haqqı verməklə biz onları daha sərbəst edə bilər, təsirlərdən uzaqlaşdıra bilərik. Yadınızdadırsa, biz Dövlət Yol Polisi əməkdaşlarının əmək haqqını iki-üç dəfə artırdıq ki, korrupsiyadan uzaq olsunlar, rüşvət almasınlar. Bu qurum da belədir. Azərbaycandır, onlara kifayət qədər zənglər edilir və xahişlər, təzyiqlər olur. Ona görə də onların əmək haqlarının yüksək olması o qədər də təhlükəli deyil. Mən bunu müsbət dəyərləndirirəm.
Bir şeyi də, yeri gəlmişkən, qeyd edim ki, bu iclasa qədər mən bəzi maddələrlə bağlı fikrimi dəqiqləşdirmək üçün Vüqar müəllimə telefon açdım və onunla bəzi maddələri müzakirə elədik. Kifayət qədər də ətraflı məlumatlar verildi. Hesab edirəm, ona təşəkkür etmək lazımdır ki, bizim sorğularımıza və müraciətlərimizə vaxtında cavab verir. Ona görə qanun layihəsinin lehinəyəm və üçüncü oxunuşa qədər təkliflərimizin bəzilərini qeyd edərik.
Sədrlik edən. Təkliflərinizi verin, hamısına baxılacaq. İkinci oxunuşda bir də baxılacaq.
Mən Çingiz müəllimin dediyi bir məsələ ilə razıyan. Ziyad müəllim, həqiqətən, Hesablama Palatası Milli Məclisin təsis etdiyi palatadır. Müstəqil təşkilatdır. Nəyə görə kadr məsələsi dövlət qulluğu qaydasında həll olunmalıdır? Niyə biz ona sərbəstlik verməli deyilik? Xahiş edirəm, bu məsələyə baxın, Dövlət Qulluğunu İdarəetmə Şurası ilə danışın, imkan olarsa, bu məsələlərə öz dəstəyimizi verək.
Qanun layihəsi 6 fəsildən ibarətdir. Fəsil-fəsil səsə qoymalıyıq. Birinci, iki fəslə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. IV, V, VI fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. İkinci oxunuşda qanun layihəsinə bütövlükdə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
İkinci oxunuşda qəbul olundu. Vüqar müəllim, çox sağ olun, siz gedə bilərsiniz.
Hörmətli millət vəkilləri, biz tənəffüssüz işləyə bilərik?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəliyin ikinci məsələsinə keçirik. Ələt azad iqtisadi zonası haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Buyurun, hörmətli Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. İcazənizlə, Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşa hazırlanması zamanı edilən dəyişiklikləri sizə təqdim edim. Birinci maddənin 1.0.18-ci bəndindəki “kommunal təchizatçılar” anlayışı “əsas iqtisadiyyat təchizatçıları” kimi verilmişdir. Məqsəd təkcə kommunal təchizatı deyil, bütün təchizat sahələrini əhatə etməkdir. Bu səbəbdən də mətndə “kommunal” sözündən sonra “və digər” ifadəsi əlavə edilmişdir. Anlayışın yeni variantı belədir: “əsas iqtisadiyyat təchizatçıları – kommunal və digər xidmətlərin göstərilməsinə məsul olan əsas iqtisadiyyatın hüquqi şəxsləri”.
4-cü maddənin adının “cinayət hüququ” kimi deyil, “cinayət qanunvericiliyi” kimi yazılması daha məqsədəuyğun sayılmışdır və buna görə də dəyişdirilmişdir. 6.2.5.17-ci maddənin sonunda “məsələlərə dair daxili qaydalar” ifadəsi çıxarılmış, yeni mətn yazılmışdır: “zəruri hesab etdiyi digər sahələr”. 9.1-ci maddədə “digər hal nəzərdə tutulmadığı hallarda” ifadəsi daha yığcam “digər hallar nəzərdə tutulmadıqda” ifadəsi ilə əvəz edilmişdir. Maddə 9.2-də “kommunal təchizatçılar” ifadəsi 1.0.18-ci maddədəki anlayışa uyğun “əsas iqtisadiyyat təchizatçıları” kimi verilmişdir və bununla əlaqədar olan digər dəyişikliklərə izahat verməyə, yəqin ki, ehtiyac yoxdur.
Keçim 18-ci maddəyə. Dövlət Sərhəd Xidmətinə aid məsələ. Yeni mətn bu cür səslənir: “Azad zonanın sərhədi və ya sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə və ya dövlət sərhədindən buraxılış məntəqəsi ilə üst-üstə düşərsə, Azad Zonanın həmin ərazisində dövlət sərhədi rejimi tətbiq olunur. Bu halda dövlət sərhədi rejimi qaydaları və Azad Zonanın ərazisində dövlət sərhədindən buraxılış məntəqəsinin hüdudları Azad Zonanın Səlahiyyətli Qurumu və Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilir”.
Hörmətli millət vəkilləri, qanun layihəsi üzərində aparılan müzakirələr, fikir mübadiləs layihə üçüncü oxunuşa təqdim olunandan sonra da davam etmişdir və son günlərdə qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə aparılan müzakirələr nəticəsində bəzi dəyişikliklər və əlavələr edilmişdir. Ən önəmlisi budur ki, maddə 31-ə yeni 31.1-ci bənd əlavə edilmişdir. “Bu Qanun “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə bağlı müvafiq hüquqi tənzimləmə təsdiq edildikdən sonra qüvvəyə minir” cümləsi əlavə edilmişdir. Bu nəyə görə edilmişdir? “Normativ hüquqi aktlar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsə, onlar qüvvəyə minməsə, Ələt azad iqtisadi zonasında daxili qaydaların heç bir qüvvəsi olmayacaqdır. Ona görə də bu əlavə edilmişdir. Başqa xırda dəyişikliklər də edilmişdir. Misal üçün, “departament” sözü çıxarılmış, “normativ hüquq sənədləri” əvəzinə “normativ hüquqi sənədlər” yazılmışdır və sair. Hesab edirəm ki, üçüncü oxunuşa təqdim edilmiş qanun layihəsinə səs verib qəbul edə bilə-rik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən əvvəlki oxunuşlarda da işçi qrupuna, Valeh müəllimə çəkdiyi zəhmətə görə minnətdarlığımı bildirmişdim, bir daha bildirirəm, amma yenə də bəyan edirəm ki, üçüncü oxunuşa çıxarılmış bu qanunun 20-ci maddəsində əmək qaydaları ilə bağlı məsələ Konstitusiyaya ziddir. Burada nəzərdə tutulur ki, Azad Zona daxilində əmək münasi-bətləri başqa qaydada tənzimlənə bilər. Bilirsiniz ki, əmək hüquqları beynəlxalq hüquqla tənzimlənir. Bizim Əmək Məcəlləsində də beynəlxalq standartlar nəzərə alınıb. Bundan başqa, qaydalar insanların, əməkçilərin ziyanına ola bilər. Bu bir. İkincisi, Azad Zonada ətraf mühitin mühafizəsi ilə bağlı məsələ. Ətraf mühitin mühafizəsi beynəlxalq qanunlarla tənzimlənir və bu da bizim milli qanunvericilikdə öz əksini tapır. Belə çıxır ki, orada ətraf mühitin çirklənməsinə imkan yaradılacaq, yaradılmayacaqsa, deməli, bizim bugünkü qanun qoruyur.
Bundan başqa, mübahisələrin həlli ilə bağlı mən keçən dəfə dedim ki, vətəndaşların məhkəməyə müraciət etmək hüququ var və o hüququ heç kim onların əlindən ala bilməz. Bir də, məsuliyyətin məhdudlaşdırılması ilə bağlı burada yeni bir termin əlavə olunur: kobud ehtiyatsızlıq. Ona görə də mən hesab edirəm ki, əlbəttə, qanun layihəsinin digər müddəaları normaldır. Bu qanunda məqsəd odur ki, xarici sahibkarlar gəlsinlər, burada investisiya qoysunlar, pul qazansınlar və dövlət bundan faydalansın. Yəni iqtisadi məsələlərlə bağlı güzəştlər nəzərdə tutula bilər, amma insan hüquqları, təbiət, əmək hüquqları ilə bağlı heç kimə, o cümlədən xarici şirkətlərə, xarici investorlara güzəştlər nəzərdə tutula bilməz. Bunlar fundamental hüquqlardır, insan hüquqları məsələsidir. Burada biz xarici investorlara nə güzəşt nəzərdə tuta bilərik? Ona görə də mən hesab edirəm ki, Konstitusiyaya zidd olduğuna görə buna səs verə bilmərik.
Və sonda Oqtay müəllim, biz Hesablama Palatası haqqında çox ciddi bir qanun layihəsini qısa bir müddətdə, 20 dəqiqədə qəbul etdik. Mən, əlbəttə, təkliflərimi verəcəyəm, Oqtay müəllim. Amma bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Tutaq ki, işçi qrupu bu qanuna elə bir müddəa salıb ki, bunu mən yazıb ona verməklə nə dəyişəcək? Mənim deputat həmkarlarım və Siz bilməli idiniz ki… Mənim edəcəyim təkliflərdən biri nədən ibarət idi? Təsəvvür edin ki, səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin auditi yalnız müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında həyata keçirilir. Milli Məclis kimi biz Hesablama Palatasına müraciət edə bilmərik ki, bax həmin o səhmləri dövlətə məxsus olan təşkilatlarda yoxlama apara bilsin. Hesab edirəm, burada bax bu cür ciddi məsələlər müzakirə olunmalı idi və millət vəkilləri bunları bilməli idilər ki, parlament necə böyük bir hüquqdan məhrum olunur, Hesablama Palatasının özü necə böyük bir hüquqdan məhrum olunur. Söhbət bundan gedirdi, Oqtay müəllim. Əlbəttə, mən o təklifləri verəcəyəm, amma hesab edirəm ki, “Hesablama Palatası haqqında” Qanunun geniş müzakirə olunmasına daha geniş imkan yaradılmalı idi. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Siz ayın 15-də cənab Prezidentin imzaladığı sərəncamı bir oxuyun. Milli Məclisin heç bir səlahiyyəti azalmır. Bəzilərimizdə belə bir fikir var ki, Hesablama Palatası Milli Məclisə tabe olan orqandır. Burada çox böyük səhviniz var. Dünyanın heç bir ölkəsində belə deyil, iki ölkədən başqa – iki ölkədə parlamentə tabedir, üç ölkədə prezidentə tabedir. Hesablama Palatası müstəqil bir təşkilatdır, ancaq Milli Məclisə hesabat verir. Yəni bu məsələni demək istəyirəm. O dediyiniz məsələni də 15 noyabr sərəncamında oxuya bilərsiniz. Valeh müəllim, cavab vermək istəyirsiniz?
V.Ələsgərov. Əfsuslar olsun ki, Oqtay müəllim, Qüdrət müəllim neçənci dəfə bu məsələni qaldırır, amma bu neçə ay ərzində mən dəfələrlə hamını dəvət etmişəm, gəlin görüşək, məsələləri aydınlaşdıraq, görüşə bilməmişik. Bu neçə ay ərzində onlarla mütəxəssislər, deputatlar, hüquqşünaslar, o cümlədən xaricdə tanınmış hüquqşünaslar ilə görüşmüşük, məsələləri müzakirə etmişik. Təkrar edirəm, qanunda yazılıbdır ki, məsələlər, o cümlədən əmək münasibətləri, ətraf mühit, başqa məsələlər qabaqcıl beynəlxalq təcrübəyə və beynəlxalq standartlara uyğun olaraq daxili qaydalarda öz əksini tapacaqdır. Bu nə deməkdir? Konvensiyalardır, müqavilələrdir, sazişlərdir, bunlar hamısı nəzərə alınacaqdır. Başqa cür ola da bilməz. Ən yüksək beynəlxalq standartlar tətbiq olunmalıdır, o cümlədən ətraf mühitin qorunması məsələsində.
O biri məsələ. Vətəndaşın müraciət etməyə hüququ var. Əlbəttə, qanunda yazılıb ki, tərəflər başqa cür razılaşmayıbsa, Azad İqtisadi Zonanın mübahisələrin həlli qurumları məsələni müzakirə edib qərar verə bilər. Əgər tərəflər razılaşıbsa, məsələ Azərbaycan məhkəməsində həll olunacaqdır. Qanunda yazılıb ki, Azad Zonada Azərbaycan Respublikası məhkəməsinin qərarı icra olunmalıdır. Əgər tərəflər öz münasibətlərini İngiltərə məhkəməsində İngiltərə qanununa uyğun həll etmək istəyirlərsə, getsinlər, həll etsinlər. Orada qəbul olunan qərar burada icra olunacaqdır. Əgər tərəflər razılaşıblarsa ki, münasibətlərini Azad İqtisadi Zonanın mübahisələrin həlli qurumlarında həll etsinlər, bu onların hüquqlarıdır. Bu hüququ onlardan heç kim ala bilməz. Bütün dünyada belədir. Ən qabaqcıl, uğurla çalışan azad iqtisadi zonalarda belədir. Ona görə biz də belə yazmışıq. Əmin ola bilərsiniz ki, qanuna da uyğundur, Konstitusiyaya da uyğundur və Azərbaycan Respublikası üçün, investor üçün çox uyğun bir qanun layihəsidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsi üzrə artıq hamımız mütəxəssis olmuşuq. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 3–8-ci məsələlər bir zərflə daxil olub. Bir yerdə təqdim edəcəksiniz, elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyursun İsa Həbibbəyli.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Təqdim olunan qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər və əlavələr “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar edilən dəyişiklikləri və əlavən ehtiva edir. Lakin qeyd etmək istəyirəm ki, bunlar, sadəcə, “Məktəbəqədər təhsil haqqında” Qanun qəbul olunduqdan sonra əvvəlki qanunlarda hər hansı bir ifadənin dəqiqləşdirilməsi, bir sözün başqa sözlə əvəz olunması ilə qalmır, adını çəkəcəyim qanunların daha da təkmilləşməsinə xidmət edir, eyni zamanda, həmin qanunlarda müəyyən edilən güzəştlərin vətəndaşların daha geniş kateqoriyalarına şamil edilməsini nəzərdə tutur. Əmək Məcəlləsində edilən dəyişiklik əmək məzuniyyətlərinin Əmək Məcəlləsində nəzərdə tutulan kateqoriyalar qalmaq şərti ilə, “Məktəbəqədər təhsil haqqında” Qanun qəbul olunduqdan sonra əlavə olunmuş tərbiyəçi müəllimlərə, metodistlərə, defektoloqlara və loqopedlərə də şamil edilməsini müəyyən edir.
Eyni zamanda, “Təhsil haqqında” Qanunda da mühüm dəyişiklik və əlavələr nəzərdə tutulur. “Təhsil haqqında” Qanunun 2-ci maddəsində təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin istinad mənbələrinə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun da əlavə olunması məqsədəuyğun sayılır. Bu tamamilə təbii bir haldır. Eyni zamanda, 14.5-ci maddəyə, təhsil müəssisəsinin tipləri və növləri haqqında maddəyə Təhsil qanununda olan körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası ilə birlikdə “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğun olaraq digər məktəbəqədər təhsil müəssisələrinin də əlavə olunması nəzərdə tutulur.
18.3-cü maddə. “Məktəbəqədər təhsil haqqında” Qanunda məktəbəqədər təhsil müəssisələrinə uşaqların 3 yaşından deyil, 1 yaşından verilməsi haqqında maddə öz əksini tapdığı üçün “Təhsil haqqında” Qanunda da bu cür dəyişiklik edilməsi nəzərdə tutulur. Qeyd etməyi özümə borc bilirəm ki, uşaqların məktəbəqədər müəssisələrə 1 yaşından cəlb olunması müstəqil Azərbaycan dövlətinin yeni nəslin inkişafına ən kiçik yaşlarından qayğı göstərmək missiyasını ifadə edir, eyni zamanda, 1 yaşından uşaqları bağçalara vermək ehtiyacı olan ailələrdə atanın və ananın hər ikisinin öz övladından arxayın əmək fəaliyyətini və istehsalat fəaliyyətini davam etdirməsinə şərait yaradır. Üçüncüsü, ailə büdcəsi normal olan, bu cəhətdən problemi olmayan ailələr uşaqların 1 yaşından qayğı ilə əhatə edildiyinə əmin olduqdan sonra yeni uşaq dünyaya gətirməkdə, demoqrafik inkişafda da maraqlı olurlar. Beləliklə, 1 yaşından uşaqların bağçaya qoyulması nəticə etibarı ilə ölkədə hətta əhalinin say tərkibinin də artmasına müsbət təsir göstərə bilər. Onu da nəzərə çatdırmaq istəyirəm ki, 1 yaşdan 5 yaşına qədər uşaqların məktəbəqədər müəssisələrə qoyulması könüllüdür, yalnız ehtiyacı olan ailələr bu imkandan istifadə edə bilərlər. 5 yaşdan sonra məktəbəqədər hazırlıq qruplarında təhsil almaq məcburidir, bu, dünyanın inkişaf etmiş ölkələrində belədir və bizim Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “Məktəbəqədər təhsil haqqında” Qanunda da həmin o prinsip nəzərə alınmışdır.
“Təhsil haqqında” Qanuna “Məktəbəqədər təhsil haqqında” Qanunda olan, lakin “Təhsil haqqında” Qanunda olmayan bir maddənin əlavə edilməsi nəzərdə tutulur. 18.7-ci bəndlə ifadə olunan həmin əlavəyə görə, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 13.1-ci maddəsində “orta peşə-ixtisas və texniki-peşə təhsili” sözlərinin “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğun olaraq “ilk peşə-ixtisas təhsili və əlavə təhsil” sözləri ilə əvəz olunması nəzərdə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklik. Dövlət qulluqçularının ailə üzvlərinin işə və təhsil müəssisələrinə düzəlməsinə kömək göstərilməsini nəzərdə tutan 30.5-ci maddədə dövlət qulluqçularının ailələrinin uşaqlarının, övladlarının uşaq müəssisələrinə deyil, “Məktəbəqədər təhsil haqqında” Qanunda dəqiq ifadə olunduğu kimi, məktəbəqədər təhsil müəssisələrinə verilməsi müəyyən edilir. Bu, redaktə xarakterli kiçik bir düzəlişdir.
Eyni zamanda, “Yanğın təhlükəsizliyi haqqında” Qanunda edilməsi nəzərdə tutulan düzəliş də redaktə xarakterlidir. Bu Qanunun 16-cı maddəsində öz əksini tapmış “məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə” sözlərinin “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğun olaraq “məktəbəqədər və ümumi təhsil müəssisələrində” sözləri ilə əvəz olunması nəzərdə tutulur. Bu fikrin daha dəqiq ifadə olunmasına kömək edir.
Nəhayət, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklik də texniki xarakterlidir. Qanunun 23-cü maddəsində məktəbəqədər təhsil müəssisələrinin sadalandığı cümlədə bunların hamısını özündə birləşdirən “təhsil müəssisələrində” sözlərinin yazılması nəzərdə tutulur. Qanunun 39-cu maddəsində, yenə də həm məktəbəqədər təhsil müəssisələrinin, həm də peşə təhsili müəssisələrinin sadalandığı maddədə təklif olunur ki, onların hamısını birləşdirən “məktəbəqədər təhsil müəssisələrində, habelə digər müəssisələrdə” sözləri yazılsın, çünki bu sadalanan təhsil müəssisələrinin hamısını özündə cəmləşdirə bilir. Bütün bu dəyişikliklər və əlavələr bütövlükdə ölkəmizin ümumi inkişafına təsir göstərmək, yol açmaq, təkan vermək baxımından böyük əhəmiyyətə malik olan təhsil müəssisələri şəbəkəsinin daha da genişlənməsinə təsir göstərə bilər və işlək mexanizmlərin güclənməsinə kömək edə bilər. Mən millət vəkillərindən bu qanun layihələrinə təklif olunan dəyişikliklərə və bir əlavəyə səs verməyi xahiş edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, İsa müəllim. Qanun layihələrinin müzakirəsinə keçirik. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, Ziyafət müəllim. Mən də hesab edirəm ki, hansısa millətdə və dövlətdə başqa sahələrdə hansısa işin imitasiyasını yolverilən hesab etmək olsa da, təhsil sahəsində hansısa bir imitasiya baş verirsə, bunun fəlakətini, faciəsini hamılıqla yaşamalı oluruq, çünk ayrı-ayrılıqda hər birimiz təhsilin subyektiyik. Zahirən burada yaxşı dəyişikliklər var. Tərbiyəçilərin, metodistlərin, defektoloqların, loqopedlərin məzuniyyət müddətinin 42 gün olması nəzərdə tutulur. Amma 42 günlük məzuniyyətə çıxmaq istəyən varmı, ümumiyyətlə? Siz bilirsiniz, məktəbəqədər təhsil müəssisələrində maaş nə qədərdir? 140–150 manatı keçmir, hətta texniki işçilər 80 manat maaş alırlar. Yaponiyada uşaqların 97 faizi, Finlandiyada 90 faiz birinci sinifə məktəbəqədər təhsil müəssisəsindən gəlir, Azərbaycanda 13–20 faiz arası uşaq birinci sinifə məktəbəqədər təhsil müəssisəsindən gəlir. Yəni Azərbaycanda məktəbəqədər təhsilin bazası yoxdur və bazası yoxdursa, dövlət nə etməlidir? Dövlət bu məsələdə özəl sektorla qarşılıqlı münasibətə girməlidir. Özəl sektorun xərcinin yarısını ödəyərək imkan yaratmalıdır ki, heç olmasa, o sahə genişlənsin və məktəbəqədər təhsilin inkişafı mümkün olsun. 1 yaşa qədər endirdik, başa düşdük, əla, amma bu müəssisələr harada var?
Təhsilin əsas vəzifələrindən biri coğrafi amili ortadan qaldırmaq istiqamətində tədbirlər görülməsidir. Azərbaycan rayonlarının 30 faizindən çoxunda məktəbəqədər təhsil müəssisəsi yoxdur. Digər tərəfdən, bu müəssisələrin tikilməsi ilə kim məşğul olacaq, hansı qurum məşğul olacaq? Onlara vəsait haradan veriləcək? İndi biz təhsil sistemi haqqında danışırıq. Məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin içində yer almır. Sistem tamlıq deməkdir. İcra hakimiyyəti həmin məktəbəqədər təhsil müəssisəsində kurrikulumları necə müəyyən etsin? Onu Təhsil Nazirliyinin tabeliyinə verin, heç olmasa, nazirlik məsuliyyət daşısın, onun tədris proqramını hazırlasın, versin.
Azərbaycanda uşaq bağçalarına, məktəbəqədər təhsil müəssisələrinə təyinatlara diqqət etmək lazımdır. Normal ailə düzəni olmayan insanların bura təyin olunması yolverilməzdir. Bir çox yerlərdə, baxırsan ki, kimi gəldi işə götürürlər, bir uşaq tərbiyə etməmiş adam, ailə tərbiyəsi mühitindən çıxmamış adam müdirdir. Mən heç statistikanı demirəm, gedin Azərbaycanın bütün bağçalarının siyahısını çıxardın, bu sahədə xeyli problem var. Təbii ki, vicdanlı, təmiz, dürüst, bu işə fədakar insanlar var. Amma çoxluq bu biri tərəfdədir. Bəs uşağı bu sistemə necə etibar etsinlər? Digər tərəfdən, ümumiyyətlə, bir şeyi müəyyən etməliyik ki, təhsil sisteminin içində humanitar şöbələrin rolu nədir? Humanitar şöbələrin o qədər problemi var ki, onlar bağçanın, məktəbəqədər təhsil müəssisəsinin proqramını hazırlamaq imkanına malik deyildirlər. Bu proqrama mütləq Təhsil Nazirliyinin özü cavabdeh olmalıdır.
Sonra, tədqiqatlar göstərir ki, 4-cü sinif şagirdlərinin oxu savadı o yerlərdə yüksək olur ki, orada məktəbəqədər təhsil səviyyəsi yüksək olur. Oradan keçməyən məktəblərin əksəriyyətində oxu savadı aşağı olur.
Ümumiyyətlə, təhsil sistemində, xüsusən, məktəbəqədər təhsildə əsaslı islahatlara ehtiyac var. Bu, maddi təminata da aiddir. Burada söhbət fərdlərdən getmir, kim olursa-olsun, fərqi yoxdur. Yəni tutaq ki, müəllimə 42 gün məzuniyyət verdik. 140 manatı 42 gündə necə xərcləyəcək? Adamların çoxu məzuniyyətə getmək istəmir. Digər tərəfdən, putyovka alıb harasa getməlidir. Putyovkanın qiymət onun aldığı maaşdan yüksəkdirsə, o, hara istirahətə gedəcək, əmək qabiliyyətini necə bərpa edəcəkdir? Ona görə də imitasiya ilə özümüzü aldatmayaq, Azərbaycanda məktəbəqədər təhsilin bu yükü qaldırmağa infrastrukturu yoxdur. Kəndlərin əksəriyyətində uşaq bağçası yoxdur. Bunu yaratmaq üçün yeganə çıxış yolu özəl sektorla əməkdaşlıqdır. Dövlət müəyyən qədər vəsait ayırır, amma bu yetərli deyil. Özəl sektorla bölüşmək lazımdır. Məsələn, özəl sektorda bunun qiyməti 40 manatdırsa, 20-sini dövlət ödəsin, 20-sini valideyn özü ödəsin. Onda həm də keyfiyyətli sertifikat baxımından…
Sədrlik edən. Aydındır, Fazil müəllim, sağ olun. Fazil müəllim, indi fikirlərinizi dediniz, amma mən bir məsələyə, istəyirəm, aydınlıq gətirək. Sizdə belə təsəvvür yaranmasın ki, biz bu qanunla əlaqədar dəyişikliklər edirik, bütün məsələlər bir gün ərzində həll olunmalıdır. İndi bəzi rayonlarda, deyirsiniz, bağçaların sayı azdır, çatmır, ya məktəbəqədər təhsil müəssisələri yoxdur. Yoxdur. Sabah olacaq da. İndi birdən-birə olmur axı. Bu qanun da perspektiv üçün nəzərdə tutulub. Biz deyirik, elə bu gün qanunu qəbul etdik, sabah hər şey super vəziyyətdə olmalıdır. İndi bu bütün dünyada belədir də, birdən-birə olmur axı. Zahid Oruc, buyurun.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən birinci növbədə həmkarım Fazil Mustafaya təşəkkür edirəm, onun fikirlərini müdafiə edirəm və hesab edirəm, məsələnin əsas nöqtəsi ondan ibarətdir ki, məktəbəqədər təhsilin əlçatanlığı normativinə görə biz dünyada geri qalırıq. Hörmətli Ziyafət müəllim də haqlı olaraq qeyd edir ki, bu iş gələcəkdə davam edəcəkdir. Yəqin, özəl sektor bunu çiyinlərində daşıyacaq. Amma biz, heç olmasa, bu gün onu edə bilərdik ki, uşaqlar və ya dövlətin tikdiyi bağçalar uğrunda gedən mübarizənin taleyini həll edərdik. Bunlar niyə icra hakimiyyətinə tabe olmalıdır ki? Axı bu, təhsil məsələsidir. Qanunun adında da biz bunu qoymuşuq. Əgər qanunvericilikdə biz bu dəyişikliyi ediriksə, real hüquqi aidiyyəti də müəyyən etməliyik.
Məsələnin başqa bir tərəfi var. Bu artıq təhsil problemi deyil. Bir neçə gün əvvəl biz olimpiada qaliblərinin mükafatlandırılması mərasimindəydik. Elə hesab edirəm ki, yəqin, hörmətli İsa müəllim də oradaydı. Qürur doğurucu bir hadisədir. Millətin qızıl təbəqəsidir. Milləti daşıyan həmin o qüvvələrdir, gələcəyin elitasıdır. Amma biz səhnədə o adamların fiziki göstəricilərinə – çəkisinə, boyuna baxanda doğrudan-doğruya ürək ağrıdan bir mənzərə gördük. Hər şey orta məktəbdən, bəlkə məktəbəqədər təhsildən başlayır. Niyə bunlar bu vəziyyətdədir? Niyə çəkisizdirlər, bu durumdadırlar? Biz 40-45 yaşından sonra eynəyə keçmişik. Təxmini saydıq, dəqiq statistika deyil, 298 nəfərdən 120 nəfərə yaxını eynəkli idi. Eləcə də hamısı normativ boydan və ona adekvat çəkidən qat-qat geri qalırdı. Mən bilmirəm, qida sistemini dəyişmək lazımdır, orta məktəblərdə nə etmək lazımdır. Hər halda bu sahədə dövlət siyasətin işləmək lazımdır. Bu çox ciddi bir problemdir.
Məsələnin başqa bir tərəfi var. Hörmətli Ziyafət müəllim, Siz təhsil adamısınız, təhsil sistemini bilən adamsınız. Bilirsiniz, tələbə qəbulu komissiyası, daha doğrusu, Dövlət İmtahan Mərkəz daxili qəbulu həyata keçirir və bu şəffafdır. Hər halda on illər ərzində bu oturuşubdur, artıq o binanın qabağında böyük növbələr, kimlərinsə vəba və taun kim əllərində tutduğu vəsaiti harasa yönəltmələrini biz görmürük. Amma xarici ölkələrin ali məktəblərinə, xüsusilə Avropa universitetlərinə imtahanlar, bilirsiniz ki, bir neçə proqram üzrə aparılır. Bunların məşhuru Toyfldur, YÖS-dür, habelə SAT proqramıdır. Bu yaxın günlərdə olan müşahidələrimi mən bu sahənin adamları ilə bölüşürəm. Nə olur, nə baş verir ki, Azərbaycan valideyni öz balasını götürüb SAT imtahanından keçmək üçün Gürcüstana gedir? Niyə gedir? Bəlli olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Britaniyada və Amerikada yerləşən beynəlxalq mərkəzlər bizim bu nəticələri tanımırlar. Niyə? Çünki çox ciddi korrupsiya var. Nəticələr süni şəkildə şişirdilir, imtahanın nəticələrini tanımırlar. Adamlar Gürcüstana gedir, milyonlarla dollar pulunu tökür, imtahan verir və bizim təhsil imicimiz ləkələnir. Bunun Təhsil Nazirliyinə də birbaşa aidiyyəti yoxdur. Nazirliyin, dediyim kimi, olimpiada yarışları şəffaf keçirilir. Sosial mediada mən bir dənə də irad eşitmədim. Ay qardaş, bunu kim edir? Mən buradan antikorrupsiya idarəsinə müraciət edirəm. Doğrudan da, bunu yoxlasınlar, araşdırsınlar. Həmin o şişirdilmiş bal sonra, Allah uzaq eləsin, zəhər kimi geri qayıdır. Bu uşaqlar gedirlər, sınırlar, dağılırlar, ailələri gözüyaşlı qalır ki, bu qədər böyük vəsait xərcləyirlər, gedib həmin universitetlərdə uğur əldə edə bilmirlər. Gürcüstan bütün məsələlərdə nə böyük bir mayak olub ki? Vətəndaş hava nəqliyyatı ilə xaricə gedirsə, Gürcüstan üzərindən uçur, turizmə ora gedir, qəbul üçün Gürcüstana gedir. Bizim pulumuzu gürcülər niyə yeməlidirlər ki? Bizim özümüzün imkanımız yoxdur bu imtahanları şəffaf edək? Niyə hansısa bir beynəlxalq təşkilatdan biz bu məsələ ilə bağlı irad almalıyıq? Mənim “WhatsApp”ımda yazı var ki, sizin nəticələri qəbul etmək istəmirik. Bu, bilirsiniz, bizə, təhsil imicimizə vurulan böyük zərbədir. Azərbaycan insanı savadlı olmaq istəyir. Bu millətin əvəzi yoxdur, tayı-bərabəri yoxdur. Ən kasıbı belə boğazından kəsib balasına repetitor tutur. Necə olur ki, sonra təhsil sistemində, karyerasında maraqlı olmur? Ona görə də SAT ilə bağlı məsələni mən bir çağırış kimi bəyan edirəm, nazirlik, komitə, antikorrupsiya idarəsi bunu araşdırsınlar, görək bunlar nə cinayətlərdir. Təşəkkür edirəm.
Sədrlik edən. Zahid müəllim, sağ olun. Mən də təşəkkür edirəm. Siz hər şeydən danışdınız, amma qanun layihəsindən danışmadınız. Çox qəribədir, bizim bəzi deputatlar, – bu təkcə Sizə aid deyil, Zahid müəllim, – qanun layihəsi qalır kənarda, AZAL-ı qatdın bura, təyyarəni qatdın bura, Gürcüstanı qatdın bura.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay qardaş, qanun layihəsindən danışın da. Heç hənanın yeridir? Mən xahiş edirəm.
Yazılanlar təkid etmir? Onda mən bu məsələni səsə qoyacağam.
İsa müəllim, Dərman vasitələri haqqında qanun layihəsinin 1.21-ci maddəsinə baxın, zəhmət olmasa. Burada yazılıb “dərman vasitəsinin geri çağırılması”. Bu, Azərbaycan dilidir? Mən başa düşmürəm, bu nə deməkdir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu bir paketdə gəlib. Hamısını müzakirə edirik, biz indi ayrılıqda səsə qoyacağıq. Sadəcə, yeri gəlib, mən bunu deyirəm. Əhliman müəllim, dilçilik nöqteyi-nəzərindən bu nə qədər yerində olan bir məsələdir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir paketdə olduğuna görə mən hesab etdim ki, müzakirə ümumi gedir, amma səsverməni ayrıca aparacağıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dərman ayrıdır? Aydındır. Yaxşı, ora çatanda izah edərik.
3-cü məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. “Təhsil haqqında” Qanun. Münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. 5-ci məsələyə münasibət.
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun. 6-cı məsələyə münasibət.
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
7-ci məsələyə münasibət.
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Çox sağ olun.
Nəhayət, bu zərfdə sonuncu olan 8-ci məsələyə münasibət.
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, bugünkü gündəliyin sonuncu məsələsi – “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun hörmətli Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Çox hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Biz 2006-cı ildə qəbul etdiyimiz “Dərman vasitələri haqqında” Qanuna mütəmadi olaraq qayıdır və ona dəyişikliklər edirik. Çünki bu dəyişikliklər müasir dövrün tələbləridir və bunlar labüddür. Bu gün “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişikliklər daha geniş miqyaslı dəyişikliklərdir və Qanunun 10 maddəsini əhatə edir. Mən öncə istərdim, qeyd edim ki, bu dəyişikliklərin əsas məqsədi keyfiyyətsiz və standartlara cavab verməyən dərmanların Azərbaycana gətirilməsinin qarşısını almaq, dövriyyədə olan dərman vasitələrinin keyfiyyətinə və dövriyyəsinə nəzarətin artırılması, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi kimi məsələlərdən ibarətdir. Dəyişikliklərin böyük bir qismi isə bizdə dərman vasitələri haqqında hüquqi sənədlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması xarakteri daşıyır. İndi isə icazə verin, dəyişiklikləri sizin nəzərinizə çatdırım.
Əsas anlayışlar haqqında 1-ci maddəyə “farmakonəzarətin həyata keçirilməsi”, bayaq Ziyafət müəllimin qeyd etdiyi “dərman vasitələrinin geri çağırılması” anlayışlarının daxil edilməsi təklif olunur. Bununla bağlı mən istərdim qeyd edim ki, Ziyafət müəllim, “dərman vasitələrinin geri çağırılması” anlayışı bizim komitədə də geniş müzakirəyə səbəb oldu. Komitənin bir neçə üzvü təklif etdi ki, onu istifadədən kənarlaşdırılması, dərman vasitəsi kimi istifadə olunmaqdan kənarlaşdırılması terminləri ilə əvəz edək. Ancaq burada söhbət istehsalçının istehsal etdiyi dərman vasitəsini geri çağırmasından gedir. Ona görə də bizim komitənin rəyi belə oldu ki, burada geri çağırılması termini qalsın. Bu gün necə təklif edilərsə, biz onunla razılaşarıq.
Növbəti dəyişiklik. 1.0.8-ci maddədə “dərman vasitələrinin dövlət qeydiyyatı” yeni redaksiyada təklif olunur. 1.0.8-1-ci maddədə farmakonəzarət”, 1.0.8-2-ci maddədə “dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi”, 1.0.8-3-cü maddədə “xüsusi nəzarətdə olan dərman vasitəsi”, 1.0.8-4-cü maddədə “dərman vasitəsinin ekspertizası”, 1.0.21-ci maddədə “dərman vasitəsinin geri çağırılması” və 1.0.22-ci maddədə “dərman vasitələrinin təsnifatlaşdırılması” anlayışlarının izahı verilir.
Digər dəyişiklik 4-cü maddəyə aiddir. 4-cü maddəyə “dərman vasitələrinin farmakonəzarətinin təşkili” bəndinin əlavə edilməsi təklif olunur. Digər dəyişikliklər. 4.2.10. dərman vasitəsinin farmakonəzarət qaydalarını müəyyən və təsdiq edir, dərman vasitələrinin farmakonəzarətini həyata keçirir. 4.2.11. xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısını tərtib edir. 4.2.12. dərman vasitəsinin təsnifatlaşdırılmasını həyata keçirir. Və axırıncı 4.2.13. dərman vasitələrinin ekspertizasını həyata keçirir. Bu bəndlərin əlavə olunması təklif edilir.
Növbəti dəyişiklik 4.3-cü maddəyə aiddir. Bu maddə aşağıdakı redaksiyada təklif olunur: “Dərman vasitələrinin istifadəsinə dair təlimatlarda istehsalçı tərəfindən bəyan edilmiş məlumatlar, habelə dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və bu Qanunun 6.5-ci maddəsində nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə ölkədə tətbiqini qadağan etmək hüququna malikdir”.
Növbəti dəyişiklik 6-cı maddəyə aiddir. 6.1-ci maddəyə ikinci abzasın əlavə edilməsi təklif olunur. Digər təklif 6.5.9-cu maddəyə aiddir. “Beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri”nin əlavə olunması təklif edilir.
Digər bir dəyişiklik 8-ci maddəyə aiddir. 8.6-cı maddənin əlavə olunması təklif edilir: “Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibinin və ya onun müvəkkil etdiy şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir”.
Digər dəyişikliklər Qanunun 11-ci maddəsinə aiddir. 11.1.4-cü maddənin bütövlükdə çıxarılması təklif olunur.
12-ci maddə üzrə. 12.3-cü maddənin əlavə edilməsi təklif olunur: “Dərman vasitəsinin geri çağırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir”.
Növbəti dəyişiklik “Dərman vasitələri haqqında” Qanunun bioloj fəallığa malik qida əlavələri haqqında maddəsinə aiddir. 14-1.2-ci maddənin birinci cümləsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Bioloji fəallığa malik qida əlavələr dərman vasitəsi ilə eyni tərkibli və eyni dozalı ola bilməz”.
Növbəti dəyişiklik. Bu məzmunda 14-1.6-cı maddənin əlavə edilməsi təklif olunur: “Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra ha-kimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz”.
“Dərman vasitələri haqqında” Qanuna 16.5-ci maddənin əlavə olunması təklif edilir. Bu maddə belə səslənir: “Müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digər əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər”.
Və nəhayət, bir neçə maddədə “səmərəliliyi” sözünün “effektivliyi” sözü ilə əvəz olunması təklif edilir. Təklif olunan dəyişikliklər bundan ibarətdir.
Sədrlik edən. Əhliman müəllim, Siz dəyişiklikləri nöqtə-nöqtə dediniz, amma komitə üzvlərinizə söz verməyəcəyəm. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də çalışacağam fikrimi çox qısa bildirim, görürəm, hamı yorulub. Bunlar, əlbəttə, mütərəqqi dəyişikliklərdir və dəstəkləyirəm. 1.0.8-4-cü maddə. Dərman vasitələrinin ekspertizası. Burada söhbət klinik sınaqlardan, dərmanların hamısının fiziki, kimyəvi, bioloji tədqiqatlarından gedir. Mən hesab edirəm ki, hazırda Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının bu funksiyaları tam mənada və miqyasda yerinə yetirməsi çox qeyri-real görünür. Ona görə ki, ölkə, Oqtay müəllim, dərman idxalından tam asılı vəziyyətdədir. Son vaxtlar biz görürük ki, İranla birlikdə dərman istehsal edən bir müəssisə yaradılır. Amma bu saat vəziyyət, hesab edirəm ki, çox bərbaddır. Mindən çox adda dərman ölkəyə xaricdən idxal olunur. Hazırda bu qədər dərmanın hər birini ekspertizadan keçirmək fiziki baxımdan bizim Səhiyyə Nazirliyinin də, müvafiq laboratoriyalarının da imkanları xaricindədir. Ona görə də Səhiyyə Nazirliyini ən çox bu, narahat etməlidir ki, ölkə idxaldan bu qədər asılıdır. Səhiyyə Nazirliyi hökumət qarşısında məsələ qaldırmalıdır.
Mən Elsevər müəllimin burada olmasından istifadə edərək bu məsələni bir daha onun diqqətinə çatdırıram. Hökumət müəyyən stimullaşdırıcı tədbirlər görməlidir ki, Avropanın, yəni təkcə İranın deyil, inkişaf etmiş ölkələrin dərman istehsal edən müəssisələri ilə birgə biz Bakıda, Azərbaycanın digər bölgələrində bu işləri görək və ölkənin dərmandan asılılığına son qoyaq.
Sonda deyim ki, bu yaxınlarda biz Təhsil Nazirliyinin fənlər üzrə olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində iştirak etdik, Oqtay müəllim. Bir qrup millət vəkili bu tədbirdə iştirak edirdi. Əlbəttə, çox müsbət, təqdir olunmalı bir hadisə idi. Amma orada səhnəyə çıxıb mükafatlandırılan uşaqların böyük əksəriyyəti, mən deyərdim ki, sağlamlıq baxımından problemli uşaqlardır. Birinin hətta beli əyilmişdi, bir dəri-bir sümük idilər, çəkiləri az, bəzilərinin boyları normadan xeyli aşağı idi. Orada hörmətli Rəşad müəllim, – indi yazılıb çıxışa, – iştirak edirdi. Biz onunla da müzakirə etdik, digər həmkarlarımızla da müzakirə etdik. Dövlət bu məsələ üzərində ciddi düşünməlidir, mən bir dəfə də bu məsələni qaldırmışam ki, Azərbaycanda uşaqların boy artımında və qidalanmasında ciddi problemlər var. Hökumətin bununla əlaqədar sistemli tədbirlər görməsinə ehtiyac duyulur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, bir şeyi nəzərinizə çatdırım ki, dərmandan asılılığı azaltmaq üçün dövlət tərəfindən tədbirlər görülür. İqtisadi İnkişaf Nazirliyində bir neçə layihəyə baxılıb, bir neçə yeni zavod tikiləcək. Bu istiqamətdə işlər artıq gedir.
İndi yazılan komitə üzvlərindən, mən baxdım, bircə Rəşad Mahmudov komitənin iclasında iştirak etməyib. Buyurun.
R.Mahmudov. Hörmətli Sədr, dəyərli həmkarlarım, mən də “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə səs verəcəyəm. Amma bəzi vacib məqamlarla əlaqədar öz fikirlərimi iclasda iştirak eləmədiyim üçün bildirmək istəyirəm. Qanuna əlavə edilən 8.6-cı maddədə yazılır ki: “Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir”.
Dünya təcrübəsində də, Dünya Səhiyyə Təşkilatının ölkələrə vermiş olduğu məsləhətlərdə də belə bir məsul şəxsin qanunda öz əksini tapması çox da məqbul sayılmır. Çünki bu məsələ zaman içərisində açıqlaması olmayan məsələlərdəndir. Bəlkə də kəndirə, ipə düyün atmaq asandır, amma bəzən bunu açmaq çox çətin olur, gələcəkdə ciddi problemlər ortaya çıxaracaq. Çünki farmakonəzarəti həyata keçirə biləcək insan dünyada qətiyyən əczaçı deyil, günlük farmakoloqdur. Bir həqiqəti sizə bildirim ki, biz uzun illər fəaliyyətimiz ərzində Azərbaycanda klinik farmakologiya üzrə praktik və nəzəri bilgisi olan mütəxəssis axtararkən cəm bir mütəxəssis tapdıq.
Düşünün, hazırda ölkənin 600-dən çox dövlət, eləcə də minlərcə özəl xəstəxanasında məsul şəxslər təyin olunacaq və bu məsul şəxslər əgər sahəsinin ciddiyyətinin fərqində deyilsə, bu, gələcəkdə bizim qarşımıza yeni ağır problemlər çıxaracaq. Ona görə bu maddənin oradan çıxarılmasını tövsiyə edirəm və düşünürəm ki, bu həm də hüquqi cəhətdən uyğun deyildir. Əgər buraya belə bir məsul şəxsin təyin edilməsi maddəsini qoyuruqsa, onda əhalinin sağlamlığı haqqında qanunlarda xəstəxanaların bütün sahələri üzrə məsul şəxslər haqqında əlavələr olmalıdır. Halbuki qanunlar, sadəcə, konkret yönləri bildirir. Bu sahə ilə əlaqədar olan icra hakimiyyətinin müvafiq strukturları normativ sənədlər, sərəncamlar və əmrlər vasitəsilə işin təşkilini təmin etməlidir.
Hamınıza məlumdur ki, son günlər istər məclisimizdə, istərsə də mediada saxta dərman problemləri haqqında geniş müzakirələr olur. Bunlar, həqiqətən, səhiyyəmizi və həkimlik sənətini, adını üzərində daşıyan hər bir insanı ciddi narahat edir. Mən iki məsələyə xüsusən açıqlıq gətirmək istəyirəm. Bəzən media mənsubları “saxta dərman” və “illeqal dərman” anlayışlarını bir-biri ilə qarışdırırlar. Çünki “saxta dərman” effektiv maddənin içində olmadığı və ya dozasının uyğun olmadığı bir dərman ikən, “illeqal dərman” insanın sağlamlığı üçün vacib olan dərman preparatı olub, sadəcə, leqal yolla ölkəyə girmədiyi üçün qanunsuz sayılır. “İlleqal dərmanlar” ilə əlaqədar hüquq mühafizə orqanlarının son günlərdə apardığı tədbirlər çox təqdirəlayiqdir, amma başqa bir problem var. Məsələnin digər tərəfi budur ki, hazırda həkimlərimiz leqal sayılan dərmanların ölkədə olmaması səbəbindən normal müalicə işlərinin aparılmasının qeyri-mümkünlüyü ilə qarşılaşıblar və bu məsələ ilə əlaqədar, düşünürəm ki, müvafiq icra orqanları tərəfindən çox sürətli şəkildə lazımi tədbirlərin görülməsinə ehtiyac var. Bu qanunlarla əlaqədar mən 2015–2016-cı illərdə olan iclaslarda da bildirmişdim. Dünya təcrübəsindən görünür ki, əgər qiymətə nəzarət funksiyasını dövlət həyata keçirirsə, ondan əvvəl mütləq bir şəkildə…
Sədrlik edən. Rəşad müəllim, biz bunların hamısını dünən birlikdə müzakirə eləmişik, Siz də olmamısınız, yəqin, Əhliman müəllim bəzi suallara cavab verəcəkdir. Ondan qabaq, xahiş edirəm, iclasda iştirak etmiş komitə üzvləri inciməsinlər, onlara söz verməyəcəyəm. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr! Hörmətli deputat həmkarlarım, hörmətli Əhliman müəllim, mən yenə bu məsələyə nə üçün qayıdıram? Mən başa düşürəm, buraya uyğun gələn sözləri salmalıyıq. Məsələn, vaxtilə bizim seçki qanunvericiliyində “deputatın geri çağırılması” anlayışı var idi. İndi bizdə azad mandat olduğuna görə o ifadəni işlətmirik. Yaxşı, “deputatın geri çağırılması”nı başa düşdüm. Dərman da geri çağırılır? Bu nə ifadədir? Bunun Azərbaycan dilində mənasını duya bilmirəm, Əhliman müəllim. Söhbət bundan gedir. İngilis dilində bəlkə də yerinə düşür. Mən deyə bilmərəm, ingilis dili üzrə mütəxəssis deyiləm. Amma Azərbaycan dilinin nə morfologiyasına, nə fonetikasına, nə də sintaksisinə uyğun gəlmir bu ifadə.
Son vaxtlar bizim Azərbaycanda belə bir ifadə işlətdilər – “Mersedes-Bens” firması maşınlarını geri çağırır. Nədir səbəb? Əyləc sistemində müəyyən bir problem olub. Onun nümayəndəlikləri var ölkələrdə, əyləc sistemini düzəltdilər, maşın yenidən dövriyyəyə buraxılıb. Bu dərmanı sən dövriyyədən çıxartmalısan da, təmir eləməməlisən ki!.. Bu saxtadır da. Ona görə mən təklif edirəm ki, dərman vasitələrinin dövriyyədən çıxarılması, yəni istehsalçı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yararsız dərmanın, ya saxta dərmanın istifadədən çıxarılması, yaxud da istifadəsinin məhdudlaşdırılması. Bizim Azərbaycan dilində o qədər gözəl ifadələrimiz var ki... Bunları yazmaq olar da... Mən bunu demək istəyirdim. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Səhiyyə nazirinin müavini Elsevər müəllim də buradadır, biz dəvət eləmişik. Amma mən bir neçə kəlmə deyim. Mən hesab edirəm ki, 8.6-cı maddə ilə əlaqədar Rəşad müəllimin narahatlığının heç bir əsası yoxdur. Əgər əvvəllər bizdə klinik farmakoloqlar yox idisə, əczaçıların sayı az idisə, mənə elə gəlir ki, bu gün ölkədə kifayət qədər mütəxəssislər var və belə mütəxəssislərin dərman vasitələrinə nəzarət etməsi yalnız işin xeyrinədir. Ona görə bu maddənin çıxarılması məqsədəuyğun deyil. Bu bir.
İkincisi, burada deyildi ki, Qüdrət müəllim, dərmanların böyük əksəriyyəti bizə xarici ölkələrdən gətirilir. Bu, doğrudan da, belədir, həqiqətdir, ancaq məlumdur ki, Elsevər müəllim də bu məsələyə aydınlıq gətirər, ölkəmizdə artıq bir neçə dərman istehsal edən fabrikin tikilməsi nəzərdə tutulur. Dünyanın məşhur əczaçılıq şirkətlərinin iştirakı ilə Azərbaycanda fabriklər tikiləcək və dərman vasitələrinin, o cümlədən şiş əleyhinə, kardioloji praktikada tətbiq olunan, çox geniş istifadə olunan dərmanların yaxın vaxtlarda Azərbaycanda istehsalına başlanılacaq. Bu da reallıqdır.
Bütövlükdə, Ziyafət müəllim, mən bir də istərdim təkrar edim ki, bu termin mənim də xoşuma gəlmir. “Geri çağırmaq”, “geri götürmək”, – biz dilçilərlə müzakirə edərik, buna uyğun bir termin versələr, İsa müəllim buradadır, İsa müəllimlə müzakirə edərik, yəni avtomobil geri çağrılırsa, dərman niyə geri çağırılmasın? Geri götürməkdən söhbət gedir. Ona görə biz bunu müzakirə eləyərik. Bəlkə dəyişərik. Təşəkkür edirəm.
Sədrlik edən. Dərmanla maşın ayrı-ayrı şeylərdir, Əhliman müəllim. İsa müəllim, buyurun.
İ.Həbibbəyli. Mən də “Dərman vasitələri haqqında” Qanunda edilən dəyişikliklər bəyənirəm, müdafiə edirəm, buna səs verəcəyəm. Ölkəmizdə dövlət səviyyəsində görülən tədbirlər son vaxtlar dərman vasitələr ilə bağlı ortaya çıxan məsələlərin tənzimlənməsinə öz töhfəsini verəcəkdir. Mənim danışmaq istədiyim məsələ dilçiliklə əlaqədar olan məsələdir. “Dərman vasitələrinin geri çağırılması” anlayışı Azərbaycan dilində səslənmir. Azərbaycan dilinin qanunlarına görə “geri çağırılma” xüsusi şəxsə aiddir. Burada isə əşyanın, şəxs olmayan maddənin geri çağırılmasından söhbət gedir. Qanunsuz dərman vasitələrinin, sağlamlığa təhlükəli olan dərman vasitələrinin dövriyyədən çağırılması kimi izahat verilib. İzahı doğrudur, amma mən təklif edirəm ki, belə yazılsın: “Dərman vasitəsinin dövriyyədən çıxarılması”. İzahında isə təkrar olmasın deyə, axırda “dərman vasitəsinin dövriyyədən çıxarılması əvəzinə, istifadəsinin dayandırılması, yaxud geri qaytarılması işlənsin, vəssalam.
Sədrlik edən. Yaxşı, dil məsələsinə bir də baxarsınız. Cavablandırılmayan başqa sual qalmadı ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.58 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Sağ olun.
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ
18 may 2018-ci il
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, Hesablama Palatası çox mühüm strukturdur. Bu qurumun fəaliyyətinin müstəqilliyi ölkəmizdə dövlət büdcəsi vəsaitlərinin daha şəffaf və ünvanlı xərclənməsinə nəzarəti daha da gücləndirir, eyni zamanda, təyinatı bilinməyən istiqamətlərə xərclənən vəsaitləri müəyyənləşdirməklə dövlət büdcəsinə qaytarmağı təmin edir.
Hesablama Palatasının hesabatında da görünür ki, ötən il bəzi təşkilat və qurumların maliyyə fəaliyyətində pozuntulara yol verilmişdir. Lakin Hesablama Palatası həmin pozuntuları müəyyənləşdirmiş və zamanında adekvat tədbirlər görmüşdür. Bütün bunlar bir daha Hesablama Palatasının fəaliyyətinin vacibliyini göstərir və bu qurumun funksionallığının daha da genişləndirilməsini tələb edir.
Düşünürəm ki, Hesablama Palatasının dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə nəzarət haqqında rəyi və hesabatları ictimaiyyətə də açıq olmalıdır. Hər bir Azərbaycan vətəndaşı dövlət qurumlarının dövlət vəsaitlərini necə və hara xərcləməsi haqqında məlumatlı olmalıdır. Yaxşı haldır ki, Hesablama Palatasının saytında qurumun fəaliyyəti ilə bağlı materiallar və hesabatlar qısa formada olsa da təqdim edilir. Amma bu işə daha çox diqqət ayrılmalı və ictimaiyyətə daha geniş məlumatlar təqdim edilməlidir. Çünki tənqid, qarşılıqlı müzakirələr olan yerdə inkişaf da, şəffaflıq da olacaqdır.
Bununla belə, Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti haqqında hesabatını yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun tərəqqisi istiqamətində görülən tədbirlərin, büdcə fəaliyyətinin dəqiq diaqnoz edilməsi və reallıqların ortaya qoyulması istiqamətini təqdir edirəm. Əlbəttə, inkişaf elə bir prosesdir ki, burada daimi təkmilləşməyə ehtiyac duyulur. Bu mənada, Hesablama Palatasının hesabatındakı təklifləri və həyata keçirdiyi tədbirlər də məntiqlidir. O da sirr deyil ki, Hesablama Palatasının müəyyən yerlərdə apardığı yoxlamalar və çatışmazlıqların aradan qaldırılması üçün verdiyi təkliflər, həqiqətən, həmin orqanların fəaliyyətinin daha şəffaf və səmərəli qurulmasına yol açmış olur.
Azərbaycanın dinamik inkişafı fonunda müasir dövrün, innovativ iqtisadiyyatın və çevik sosial siyasətin tələblərindən irəli gələrək xərclərin və inzibati idarəetmənin yeni modelləri formalaşır. Ona görə həm idarəetmə işlərində, həm də onların yoxlanılmasında və sonradan müfəssəl hesabatın hazırlanmasında da təkmilləşmələrə doğru gedilməlidir.
Hesablama Palatası reallaşdırdığı işlərlə auditin keçirilməsi sahəsində təkmilləşdirmələrin baş tutmasına əsas yaradır. Bu da, təbii olaraq, maliyyə sahəsi ilə əlaqədar ciddi nəzarətin və şəffaflığın daha da möhkəmlənməsinə şərait yaradır. İstəyimiz və arzumuz ondan ibarətdir ki, şəffaf və sosial gümrah Azərbaycanı formalaşdıraq. Bu işdə isə hər kəs, hətta adi vətəndaşlar belə bu gün dünyada baş verən məlum hadisələrdən nəticə çıxarmalı və Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir.