22.12.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 37
Mill Məclisin iclas salonu.
22 dekabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Ç. Məmmədov, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
R. Kişiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi.
* * *
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
T. Allahverdiyev, Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin direktoru.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında.
4. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə.
5. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
6. Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikası Milli Məclisinin təbrik məktubu.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
22 dekabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin birinci məsələsinin – Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşda müzakirəsinə başlayırıq. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyevə söz verilir.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Milli Məclisin 2006-ci il 5 dekabr tarixli iclasında Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi geniş müzakirədən sonra ikinci oxunuşda qəbul edilmişdi. Müzakirədə hörmətli millət vəkilləri Fazil Mustafayev, Rafiq Məmmədhəsənov, Siyavuş Novruzov, Arzu Səmədov, İlham Məmmədov, Ülvi Quliyev, Nizami Xudiyev, Əli Əhmədov, Valeh Ələsgərov, Gövhər Baxşəliyeva, Rafael Cəbrayılov, Fəzail Ağamalı, Fuad Muradov, Yaqub Mahmudov, Nizami Cəfərov və Hikmət Atayev çıxış edərək layihə ilə bağlı qiymətli təkliflərini vermiş, iradlarını bildirmişlər.
İkinci oxunuşdan keçən müddət ərzində hörmətli deputatların söylədikləri qiymətli fikirlər komissiyada və işçi qrupunda Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ətraflı müzakirə olunmuş və onların böyük əksəriyyəti qəbul edilmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən bütün dəyişikliklər və əlavələr fərqləndirilmək üçün kursivlə verilmişdir.
İkinci oxunuşdan sonra edilmiş dəyişikliklər əsasən aşağıdakılardan ibarətdir. Deputat Rafiq Məmmədhəsənovun təklifi ilə 1.0.2-ci maddədə ”formokoloji substansiya” sözləri “dərman substansiyaları” sözləri ilə əvəz edilmişdir. 1.0.8-ci maddə – “Dərman vasitələrinin dövlət qeydiyyatı” redaktə edilmiş və müzakirənizə yeni variantda təqdim edilmişdir. 3-cü maddəyə 3.1.3, 3.1.8, 3.1.9-cu maddələr əlavə edilmişdir.
Hörmətli deputat həmkarlarımızdan Fəzail Ağamalı, Ülvi Quliyev və Fuad Muradovun təklifləri nəzərə alınaraq 4.2.2-ci maddə aşağıdakı redaksiyada verilmişdi: Müvafiq icra hakimiyyəti orqanı “dövlət qeydiyyatına alınmış dərman vasitələrinin reyestrini aparır və dərman vasitələrinə dair məlumat bankının yaradılmasını təmin edir”.
Deputat Rafiq Məmmədhəsənovun təklifi ilə 4.2.4-cü maddə yeni redaksiyada verilmiş və layihəyə yeni 4.2.5-ci maddə əlavə edilmişdir.
Səhiyyə Nazirliyinin təklifi ilə 4.2.8-ci maddə aşağıdakı redaksiyada verilmişdir: Müvafiq icra hakimiyyəti orqanı “dərman vasitələrinə dair normativ-texniki sənədləri və dövlət standartlarını hazırlayır və öz səlahiyyətləri daxilində təsdiq edir.” Səhiyyə Nazirliyinin digər bir təklifi ilə 5.3-cü maddədə dəyişiklik edilmiş, dövlət mülkiyyətində olan apteklərin çərçivəsi müəyyənləşdirilmişdir. Beləliklə də lisenziya əsasında əczaçılıq fəaliyyəti göstərməyən dövlət mülkiyyətində olan apteklərin çərçivəsi dəqiqləşdirilmişdir.
Qanun layihəsinə yeni 6.4-cü maddə əlavə edilmişdir: ”Dövlət qeydiyyatında olan dərman vasitələri dövlət qeydiyyatına alındığı zaman təqdim edilən sənədlərdə əks olunan məlumatlarda hər hansı dəyişiklik edilərsə, həmin dəyişikliklər dövlət qeydiyyatına alınır”. Səhiyyə Nazirliyinin təklifi ilə 6.6-cı maddədə “ad” sözü “ticarət adı” sözü ilə əvəz edilmişdir. 9.5-ci maddənin ikinci cümləsi redaktə edilmiş, elmi tədqiqat müəssisələrinin dərman vasitələrinin idxalında iştirakı səviyyəsi dəqiqləşdirilmişdir.
Əksər deputatların 11.1-ci maddə ilə bağlı təklifləri nəzərə alınmışdır. Bundan sonra Azərbaycan Respublikasına gətirilən bütün dərman vasitələrinin istifadə təlimatları yalnız Azərbaycan dilində olacaqdır.
Səhiyyə nazirliyinin təklifi ilə 11.1.1-ci maddədə “dərman vasitələrinin potentləşdirilmiş adı” sözləri “dərman vasitələrinin ticarət və potentləşdirilməmiş adı” termini ilə dəqiqləşdirilmişdir.
Deputat Rafael Cəbrayılovun təklifi ilə 11.1.3-cü maddəyə dəyişiklik edilmiş və dərman vasitələrinin istifadə təlimatlarında istehsalşının hüquqi ünvanının göstərilməsi vacib hesab edilmişdir. 11.1.10-cu maddədə “əlavə təsir” sözlərindən sonra “və digər dərman vasitələri ilə qarşılıqlı əlaqəsi” sözləri əlavə edilmişdir. Layihəyə “Dərman vasitələri haqqında informasiya əldə etmək hüququ” adlı yeni 15-ci maddə daxil edilmişdir. Deputat həmkarlarımızdan Siyavuş Novruzovun, Gövhər Baxşəliyevanın, Fəzail Ağamalının, Nizami Cəfərovun, Ülvi Quliyevin və eləcə də, adlarını çəkmədiyim bir sıra deputatların təklifləri ilə dərman vasitələrinin reklamını tənzimləyən maddə layihədən çıxarılmış və layihəyə dərman vasitələrinin reklamını qadağan edən norma daxil edilmişdir.
Müzakirədə saxta və keyfiyyətsiz dərman vasitələrinə qarşı mübarizənin gücləndirilməsi və bu hallara yol verən şəxslərin sərt şəkildə cəzalandırılması xüsusi vurğulanmışdır. Bu məqsədlə Nizami Xudiyev, Əli Əhmədov, Siyavuş Novruzov, Rafael Cəbrayilov, Yaqub Mahmudovun təklifləri əsasında 18.1-ci maddədə təqsirli şəxslərin mülki, inzibati və cinayət məsuliyyəti daşıdıqları qeyd olunmuşdur. Həmin məsuliyyətin çərçivəsi və ağırlıq dərəcəsi isə bu qanun qəbul edildikdən sonra qanun yaradıcılığı texnikasına uyğun olaraq aidiyyəti üzrə digər məcəllələrə əlavə və dəyişikliklər edilməklə öz əksini tapacaqdır.
Hörmətli millət vəkilləri, qanun layihəsinin təkmilləşdirilməsində dəyərli tövsiyələrinə görə bütün deputat həmkarlarıma Sosial siyasət daimi komissiyasının və işçi qrupunun adından dərin minnətdarlığımı bildirirəm və Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun üçüncü oxunuşda qəbul edilməsinə səs vermənizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Musa müəllim. Qanun layihəsinin üçüncü oxunuşu olmasına baxmayaraq 7 millət vəkili çıxışa yazılıb. Üçüncü oxunuşdur, suallara cavab verilib. Təkid eləyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xanhüseyn müəllim, təklif vermisiniz, qəbul eləyiblər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyurun, Xanhüseyn müəllim.
X. Kazımlı. Oqtay müəllim, bəli, üçüncü oxunuşdur, Sizin də, bizim də parlament təcrübəmiz var. Mən bu qanun layihəsi haqqında yox, başqa məsələ barəsində danışmaq istəyirəm. Azərbaycanın sosial - iqtisadi tərəqqisi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya miqyasında mövcud hədəfləri dəf etmək istiqamətindəki siyasəti, qüdrəti artıq bütün dünya tərəfindən təsdiq olunmuşdur. Bizim sosial-iqtisadi nailiyyətlərimizin hamısı ölkə Prezidentinin zəhmətinin, gərgin əməyinin və möhkəm iradəsinin nəticəsidir. Bu həftə iclasımız yoxdur. Ona görə bu gün deputatların bir qrupunun, bir sıra partiya sədrlərinin və seçicilərin adından bir təklifi burada səsləndirmək istəyirəm. İki gündən sonra Prezidentimizin 45 yaşı tamam olur. Yəqin, bunu Milli Məclisin Aparatı da bilir. Təklif belədir ki, Prezidentimizə təbrik məktubu qəbul edək.
Sədrlik edən. Çox sağ olun. Cənab Prezident bizim dövlətimizin atributudur. Mən hesab edirəm, Prezidenti sevən bütün deputatların adından belə bir təbrik məktubu qəbul edilməlidir. (Alqışlar.)
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsində qismən dəyişiklik edilməsi haqqındadır. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Təklif edilir ki, Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi vahidi tərkibindəki Tatarlı kəndi Yuxarı Səfikürd inzibati ərazi vahidi adlandırılsın. Məsələ belədir ki, 1999-cu ildə bir düzəliş edilib, Səfikürd kəndinin tərkibində Tatarlı kəndi yaradılıb. İş burasındadır ki, Səfikürd kəndində bir çox tayfalar, 35-ə qədər nəsil var. Bu nəsillərdən biri də Tatarlıdır. 2004-cü ildən başlayaraq əhali dəfələrlə bizə müraciət edib, məsələ qaldırır ki, əvvəllər Tatarlı kəndi yox idi, kəndimizi “Yuxarı Səfikürd” adlandırmaq lazımdır. Məsələ müzakirə olunub. Əhalinin təkidini nəzərə alaraq komissiyada bu məsələyə baxmışıq. Hesab etmişik ki, bu məsələ Milli Məclisin müzakirəsinə təqdim oluna bilər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, mənim bir sualım var. Mənə çatmadı ki, niyə Tatarlı kəndinin adı Səfikürd olmalıdır? Bu zərurət nədən irəli gəlir? Bir tayfa istəyir, digər tayfa istəmir. Niyə Azərbaycanın yer adları kiminsə istəyi ilə bu şəkildə dəyişdirilir? Mən istərdim ki, komissiya sədri bunu əsaslandırsın. Sabah da başqa bir tayfa kənddə çoxluq təşkil edəcək və kəndin adını dəyişmək istəyəcək. Mən qəti şəkildə bunun əleyhinəyəm və hesab edirəm ki, yer adlarını bu şəkildə dəyişmək düzgün deyil. Ona görə xahiş edirəm, komissiya sədri bu məsələyə aydınlıq gətirsin. Əsas nədir, hər hansı bir tayfamı bunu istəyir, yoxsa başqa səbəb var? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Gündəlikdəki məsələ rayonun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Yeni adın tətbiq olunması isə tamamilə başqa məsələdir. Azərbaycan xalqının, Azərbaycan türklərinin tarixində bir sıra türk xalqlarının, o cümlədən tatarların böyük rolu vardır. “Tatar” etnonimi bizim tariximizin öyrənilməsi üçün çox böyük əhəmiyyətə malik olan anlayışlardan biridir. İndi belə bir vəziyyətdə biz Azərbaycan xalqının formalaşmasında iştirak eləyən, bu gün Azərbaycan vətəndaşı olan, amma etnik mənsubiyyəti başqa olan vətəndaşlarımızın tam haqlarını qoruyuruq. Amma “tatar” etnoniminin “Səfikürd” adı ilə əvəz olunması bir qədər təəccüblü, bir qədər də xoşagəlməz məsələlər yaradır.
Son dövrdə Azərbaycan ictimaiyyətində, kütləvi informasiya vasitələrində bu məsələ ətraflında çox ciddi və müəyyən mübahisələrə, diskussiyalara səbəb olan əhvali-ruhiyyə, ovqat formalaşmaqdadır. Ona görə mən də İqbal Ağazadənin təklifinə qoşuluram. Bu, sadəcə, bir tayfa ilə başqa tayfa arasındakı münasibət deyil, Azərbaycan tarixi ilə bağlı olan bir məsələdir. Burada çox hörmətli peşəkar tarixçilərimiz Yaqub müəllim və Nəsib müəllim iştirak edirlər, onların bu məsələ barədə rəylərini eşitmək, məncə, vacibdir. Bu məsələ barədə qərar qəbul edərkən olduqca ehtiyatlı və məsuliyyətli olmaq lazımdır. Mən bir Azərbaycan türkü olaraq tatar tayfasının adının bizim inzibati ərazi bölgüsündən çıxarılmasına qəti etiraz edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən Goranboydan seçilmiş bir millət vəkili kimi bu məsələyə münasibətimi bildirmək istəyirəm. Bu kəndin bir qrup ziyalısı, o cümlədən rayon icra hakimiyyəti bununla bağlı mənə də müraciət eləyib ki, parlamentdə bu adın dəyişdirilməsi məsələsini müdafiə edim. Həmin kəndin iki ziyalısı, tarix elmləri doktoru Nərgiz Quliyeva və tarix elmləri namizədi Müzəffər Hüseynov da mənə rəsmi məktubla müraciət eləyiblər. 3 səhifəlik müraciətdən yalnız bircə cümləni oxumaq istəyirəm. Qeyd olunur ki, tarixi-coğrafi baxımdan tarixən yaşayış məskəni olmuş bu kənd vaxtilə Safkənd adlanıb. Sonra bu, Səfalıkənd adlandırılıb. Onun adı XIX əsrin əvvəllərində Qaraçay Səfikürdü kimi verilmişdi. Söhbət “kürd” sözündən gedirsə, mən sizə bəyan edirəm ki, o kənddə heç bir nəfər də kürd yaşamır. Kəndin camaatı da deyir ki, əvvəllər bir kənd olub. Kəndin bir hissəsində başqa adla yeni kəndin yaradılmasına kənd camaatı etiraz eləyir. Onlar xahiş edirlər ki, Aşağı Səfıkürd, bir də, Yuxarı Səfıkürd olsun. Safkənd tədricən dildən-dilə keçərək Səfikürd adlanıb. Hesab edirəm ki, burada elə bir qəbahətli şey yoxdur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Mən Milli Məclis üzvlərinin narahatlığını düzgün başa düşürəm. Oqtay müəllim, əgər mümkündürsə, xahiş edirəm, bu gün məsələnin müzakirəsini dayandıraq və müəyyən araşdırmadan sonra bir qənaətə gələk. Azərbaycanın yer adları tarixin müəyyən dövrlərini özündə yaşadan toponimlərdir. Əsaslandırılmadan, iki, üç və ya yüz nəfərin yazısına əsasən tarixin qatlarından süzülüb gələn yer adlarının dəyişdirilməsi məqbul deyil.
“Tatarlı”, “tətərli” Azərbaycan ərazisində geniş yayılmış toponimlərdir. Azərbaycanın müxtəlif yerlərində bu toponimlərə rast gəlmək olar. Bu həm də yer adlarında və vaxtı ilə tayfa birliyi adında özünü göstəribdir. Bu, Azərbaycanın ən azı orta əsrlər tarixi ilə bağlı olan bir məsələdir. Mən belə düşünürəm ki, Tatarlı, Tətərli kənd adlarının heç bir zərurət olmadan Yuxarı, ya da Aşağı Səfikürd adlandırılması məqbul deyil.
Mən indi dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, respublikanın ərazisində başqa bir Səfikürd yaşayış məntəqəsi olmalıdır. Burada yaşayan əhali vaxtı ilə oradan da köçə bilər. Əsaslandırılmadan, tarixi arayış olmadan yaşayış yerinin adının dəyişdirilməsi düzgün deyil. Məsələn, bir vaxtlar kəndlərə bolşevik liderlərinin adlarını verirdilər. Onu bərpa eləmək olar. Amma indiki halda ən azı tarixi əsaslandırılmış arayış olana qədər bu dəyişikliyi məqbul hesab eləmirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mənə elə gəlir ki, daimi komissiya bu məsələyə Toponimiya komissiyası ilə birlikdə baxıb. Yaqub müəllim, buyurun.
Y. Mahmudov. Çox sağ olun, hörmətli Sədr. Mən çox təəssüf edirəm ki, bu gün gündəliklə bağlı müzakirə olmadı. Bura xeyli kitablar gətirmişəm, növbəti müzakirədə bu məsələ ilə əlaqədar fikir söyləyəcəyəm. Söhbət ondan gedir ki, daxildə olan qüvvələrlə xarici qüvvələr, müəyyən qədər də kəşfiyyat orqanları çox nizamlı şəkildə, mütəşəkkil surətdə Azərbaycanın daxilində parçalanma salırlar. Xüsusi ilə bu xalqın türklüyünü ölkənin tarixindən silib atmaqdan ötrü sistemli iş gedir. Ölkəmizdən kənarda Azərbaycan xalqının mənşəyini, türklüyünü silmək üçün kitablar buraxılır. Bu məsələ çox ciddi narazılıq yaradır. Ərazimizdə qonşu ölkələrə kilsə tikdirirlər və sairə. Ona görə də mən təklif edirəm, bu məsələ gündəlikdən çıxarılsın və tarixçilərdən ibarət bir komissiyanın iştirakı ilə araşdırılsın.
İndiki halda isə Azərbaycan ərazisində türk xalqımızın təfəkkürü ilə bağlı məsələlərin çıxarılmasına qəti etirazımı bildirirəm. Mən növbəti çıxışlarımda əlavə məlumatları qeyd edəcəyəm. Toponimiya komissiyasında isə keçmişdə bizim Tarix İnstitutunun direktoru İqrar Əliyev təmsil olunurdu. Mənim məlumatıma görə indi o komissiyada tarixçilər yoxdur. Əgər institutun yeni direktoru məsləhət bilsə, başqa adamı ora daxil eləmək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məsələ bir az aydınlaşdı. Əgər etiraz eləmirsinizsə, Goranboydan seçilən millət vəkili Gültəkin Hacıyevaya da söz verək. Buyurun, Gültəkin xanım.
G. Hacıyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk baxışda texniki xarakter daşıyan bu məsələ əslində çox ciddi əhəmiyyət kəsb eləyir. Mən Goranboydan seçilən millət vəkili kimi bu məsələyə münasibət bildirməyə bilməzdim. Düzdür, indi həmin kənd mənim seçki dairəmə daxil deyil, amma 5 il həmin kəndin millət vəkili olmuşam. 5 il müddətində bu kəndin Tatarlı adlandırılması ilə bağlı heç bir narazılığın şahidi olmamışam. Bir dəfə də olsun mənə belə bir müraciət olunmayıb. Hörmətli həmkarım Qüdrət müəllim deyir ki, ona 2 ziyalı müraciət eləyib. Mən sabah sizə Goranboyun 200 nəfər ziyalısının müraciətini gətirə bilərəm ki, onlar türk toponimlərinin başqa toponimlərlə əvəzlənməsinə etiraz eləyirlər. 2 nəfər ziyalının müraciətinə görə tariximizə bu cür yanaşmaq düzgün deyil.
Mən hörmətli həmkarlarımın diqqətini bir məsələyə cəlb eləmək istəyirəm. Məgər bizim bu gün Gürcüstanda türk etnonimlərinin, toponimlərinin, hidronimlərinin dəyişdirilməsi ilə bağlı narazılıqlarımız yoxdurmu? Məgər bizim Ermənistanda yüzlərlə türk mənşəli toponimlərimizin dəyişdirilməsini beynəlxalq ictimaiyyətə çatdırmaq cəhdlərimiz yoxdurmu? Yəni bu istiqamətdə çox addımlar atılır.
Çox hörmətli Oqtay müəllim, Sizin atanız, çox gözəl ziyalı olan Sabir Əsədov da bu istiqamətdə çox böyük işlər görüb. Onun “Qərbi Azərbaycanın toponimləri” kitabı tariximizin qorunması işinə böyük xidmətdir. Bu istiqamətdə ziyalılarımız böyük işlər görüb. Mən məntiqi anlaya bilmirəm, biz nə üçün heç bir zərurət olmadan türk tayfasının adı olan “Tatarlı”nı başqa bir adla əvəzləyirik? Orada Aşağı Səfikürd kəndi var. Yenidən Tatarlını Yuxarı Səfikürd adlandırmaq hansı zərurətdən doğur? Mən Yaqub müəllimlə tamamilə razıyam, bu bizim daxilimizdə olan bəzi narahat tendensiyalardan xəbər verir.
Mən Goranboy rayonundan seçilən bir millət vəkili və bu qədim türk torpağını təmsil eləyən bir insan olaraq bir faktı qeyd etmək istəyirəm. Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilişi ilə əlaqədar Goranboyda da arxeoloji qazıntılar aparılmışdı. Həmin kəmərin keçdiyi yerlərdə və Goranboyun Borsunlu kəndində 4 min il tarixi olan Göy türk kurqanları, qəbirləri aşkar olundu. Bu həmin bölgənin milli, etnik mənsubluğuna ən bariz nümunədir. Bu baxımdan, mən bir millət vəkili, bir Azərbaycan ziyalısı olaraq buna etiraz edirəm və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mən Regional məsələlər daimi komissiyasının bu məsələ müzakirə olunan iclasına dəvət olunmamışam.
Cənab Sədr, fikirlərimi bildirmək üçün mənə imkan yaratdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış etmək üçün təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim, buyurun.
F. Ağamalı. Çox sağ olun, Oqtay müəllim. Bu məsələ bizim komissiyada müzakirə olunduğu üçün istərdim, bəzi məqamları hörmətli millət vəkillərinin nəzərinə çatdırım. Bu əhvali-ruhiyyə, bu milli təəssübkeşlik, bu ad üzərində diskussiya bizim komissiyanın iclasında da oldu. Komissiyanın birinci iclasında bu məsələnin müzakirəsi dayandırıldı. Məsələnin prosedur qaydası belədir ki, Toponimiya komissiyası bu məsələyə necə baxır. Biz bunun müzakirəsini dayandırdıq, Toponimiya komissiyasından arayış tələb etdik.
Bu məsələ yenidən müzakirəyə çıxarıldı və dayandırıldı. Səbəb nədir? Bunun səbəbi millət vəkillərindən - nə məndən, nə də digərlərindən asılı deyil. Bu məsələ yerli əhalinin razılığı əsasında həll olunur. Camaat yığılır, iclas çağırır, ümumi rəyə gəlir. Sonra isə camaatın rəyi rayon icra hakimiyyətinə bildirilir. Rayon icra hakimiyyəti isə onu Prezidentin İcra Aparatına göndərir. Oradan isə bu məsələ bizim komissiyaya gəlir.
Prezidentin İcra Aparatından gələn bəzi məsələlərdə tərəddüd edilsə də, çox vaxt komissiyada ciddi mövqe duyulur. Mən millət vəkillərini başa düşürəm, əgər məsləhətdirsə, bu məsələnin müzakirəsi dayandırıla bilər və yenidən buna qayıtmaq olar. Ancaq yenə deyirəm, bu, sadəcə olaraq, komissiyanın ixtiyarında olan məsələ deyil. Nə üçün? Komissiya daxil olan sənədlərin düzlüyünü yoxlayır. Ad məsələsinə cavabdehliyi Toponimiya komissiyası daşıyır. Yaxşı olar ki, Toponimiya komissiyasına rəhbərlik edən şəxs bu məsələyə ciddi şəkildə aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, qədim bir tarixə malik ərazinin adını əhalinin istəyi ilə dəyişmək düzgün deyil. Ona görə də bayaq sual verdim ki, Toponimiya komissiyasının bu barədə hansı rəyi olub? Ümumi fikir aydındır. Arif müəllim deyilənlərə qısa şəkildə cavab versin, sonra mən də fikrimi söyləyərəm. Buyurun.
A. Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, belə bir təsəvvür yaranır ki, guya biz yeni bir toponim yaradırıq. Bu belə deyil. Səfikürd kəndi tarixən mövcud olan bir kənddir. Bu kəndin adının nə vaxt qoyulması heç məlum da deyil. Qədim qəbir daşlarının üstündə də “səfikürd” sözü öz əksini tapıbdır. 1999-cu ildə Səfikürd kəndinin bir hissəsində yeni bir kənd yaradılıb. Yeni inzibati ərazi vahidi yaradılarkən belə qənaətə gəliblər ki, bunun adı Tatarlı olsun. Amma orada onlarla yanaşı 35 yaxın ayrı-ayrı nəsillər yaşayır. Mən onların adlarını da sizə deyə bilərəm: Ələkbərlilər, Ələskərlilər, Abbasbəylilər və sairə.
“Tatarlı” toponimi ilə əlaqədar bizim komissiya xeyli araşdırmalar aparıb. Bu ad tatarların bura gəlməsi və getməsi ilə bağlı deyil. Belə bir fikir var ki, o vaxt vergi yığanlar kəndə gələndə əhali gizlənirmiş. Buna görə vergi alanlar da deyirmişlər ki, “ей татарин выйди отÑюда”. O vaxt azərbaycanlılara, adətən, tatar deyirdilər. İnqilaba kimi ruslar da azərbaycanlılara tatar deyirdilər. Beləliklə də, bu ifadə bir nəslin adına çevrilibdir. İndi əhali hesab edir ki, Tatarlı adı onlara təhqirdir, çünki bu kənddə tatar yoxdur. Burada yaşayanların hamısı azərbaycanlıdır.
Bu kənddən məşhur adamlar çıxıb. Azərbaycan Xalq Cümhuriyyətinin nazirlərindən biri olan Aslan Səfikürdski buradan çıxıbdır. Belə bir rəvayət var ki, Nizami Gəncəvinin anası bu kənddəndir. Odur ki, biz prosedura və səlahiyyətimizə görə bu məsələni müzakirəyə çıxarmışıq. Fəzail Ağamalı tamamilə düz dedi ki, bu, əhalinin ümumi yığıncağı əsasında müəyyənləşdirilir. Bunlar indiyə kimi Səfikürd kəndinin tərkibində olublar, cəmi 7 ildir ki, Tatarlı adlandırılır. İndi istəyirlər ki, yenidən kəndin adı Yuxarı Səfikürd olsun. Komissiya öz təklifini verib, Milli Məclis qərar qəbul eləməlidir. Burada məni heç kəs Azərbaycanın tarixini pozmaqda təqsirləndirməsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Qənirə xanım.
Q. Paşayeva. Üzr istəyirəm, Oqtay müəllim. Ümumiyyətlə, hesab edirəm ki, bu məsələni gündəlikdən çıxarsaq, çox yaxşı olar. Çünki bu məsələ ilə bağlı digər maraqlı arqumentlər də səsləndi. Mən bilmirəm, nə qədər doğrudur, amma Qüdrət Həsənquliyev deyirdi ki, hələ Səfikürd adına qədər bu kəndin türk mənşəli başqa adları da olub. “Tatarlı” adı xoşa gəlmirsə, türk mənşəli adlardan biri qala bilər. Bu məsələnin ciddi şəkildə araşdırılması vacibdir. Toponimiya komissiyasında da bu məsələ araşdırılmalıdır.
Oqtay müəllim, xahiş edirəm, mənə bir dəqiqə də vaxt ayırasınız ki, bir məsələni burada səsləndirim. Biz bu gün bir kəndin adından danışırıq, amma bizdə tamam başqa məsələlər də baş verir. Uşaqlarımız doğulur, amma biz onların doğum şəhadətnaməsində atası ilə anasının kimliyini yazdıra bilmirik. Deyirlər ki, siz şəxsiyyət vəsiqəsi haqqında yeni qanun çıxarıbsınız, orada kimlik göstərilmədiyinə görə yeni doğulan uşaqların kimliyi yazılmır. Bilirsiniz, ailələrdə nə qədər problem yaranır? Bizdə müxtəlif millətlər var. Bu nə deməkdir? Mən öz milli kimliyimi övladımın sənədinə yazdıra bilmərəm? Bunun özü də böyük problemdir. Məsələni Ədliyyə Nazirliyi belə qoyur ki, belə bir qanun qəbul elədiyinizə görə bu məsələ öz reallığını tapmır. Çünki sənədlərinizdə bu olmadığına görə şifahi sözlə uşaqlarınızın sənədinə kimliyini yaza bilmərik. Sağ olun.
Sədrlik edən. Qənirə xanım, Siz bu məsələni bir dəfə qaldırmısınız. Onun üzərində işləyirlər. Heç bir qanun və ya dəyişiklik ehkam deyil.
Amma Sizin birinci fikrinizlə razıyam ki, gündəliyə çıxardığımız məsələnin üzərində işləmək lazımdır. Mən də o təkliflə razıyam, bu məsələni gündəlikdən çıxaraq və komissiyaya tapşıraq ki, Toponimiya komissiyası ilə birlikdə bu məsələnin üzərində yenidən işləsinlər. Əks halda belə bir tendensiya yarana bilər ki, hər hansı bir kənddə yığışarlar, iclas keçirərlər və deyərlər ki, kəndin adını dəyişirik. Etiraz yoxdursa, bu məsələni gündəlikdən çıxaraq. Nizami müəllim, nəsə demək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, mütəxəssis kimi fikrinizi deyin.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu məsələ çox geniş və mübahisəli şəkildə müzakirə edildi. Siz də çox düzgün olaraq təklifləri nəzərə alıb məsələnin Toponimiya komissiyası ilə birlikdə geniş müzakirə olunmasını məsləhət bildiniz.
Buradakı bəzi çıxışlara münasibət bildirmək istəyirəm. Əvvəla, bir kəndin adlandırılması məsələsi təkcə tarixçilərin işi deyil. Hamıya məlumdur ki, bu həm tarixçilərin, həm dilçilərin, həm də coğrafiyaçıların birlikdə iştirakı ilə həll oluna bilən problem bir məsələdir.
Belə fikirləşək, Ermənistanda və Gürcüstanda türk adlarının, demək olar ki, hamısı dəyişdirilib. Cənubi Azərbaycanda da həmçinin. Belə olan şəkildə indi biz öz torpaqlarımızda olan türk adlarını başqa adlarla dəyişirik. Monqol-tatar istilası Avropanın, Asiyanın böyük bir hissəsini bürüyüb. Onlar bura da gəliblər. Bu, türk deməkdir. Özü də “lı”, “li” şəkilçisi Azərbaycan dilində sözdüzəldici şəkilçidir. Dedilər ki, guya bu “Səfiyurd”, yaxud “Safakürd” olub. Nə olubsa, hələ dəqiq deyil. Ancaq Tatarlı dəqiqdir və meydandadır. Görürsən ki, qədim türk adlarını dəyişdirib çox “mübarək” adlar qoyurlar. Baharlı, Günəşli, İşıqlı. Ya da dəyişdirib elə adlandırırlar ki, məəttəl qalırsan. Siz dəqiq dediniz. Tutaq ki, kənd əhalisi yığışdı və dedi ki, kəndin adını Kosmos qoyaq. İndi yığışıb, onlar nə deyirlərsə, edək? Burada mütəxəssislərin – tarixçilərin, coğrafiyaçıların fikri əsas olmalıdır. Kənd adamlarının da fikri nəzərə alınmalıdır. Ona görə mən də təklif edirəm ki, bu məsələ geri qaytarılsın və ciddi şəkildə müzakirə olunub yenidən Milli Məclisin müzakirəsinə təqdim olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif var ki, məsələni gündəlikdən çıxarırıq və üzərində yenidən işləyirik. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayevə söz verilir.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi millət vəkillərinə paylanmışdır. Azərbaycanda ədliyyə sistemi formalaşdırılır. Yetkinlik yaşına çatmamış şəxslərin ədalət məhkəməsinə cəlb edilməsi müəyyən güzəştli şərtlərlə bağlıdır. Hazırda yetkinlik yaşına çatmayan şəxslərə cinayət və cinayət-prosessual sahələrdə münasibət prioritet olaraq tərbiyəvi xarakter daşıyır. Bu tələb 1992-ci ildə ratifikasiya edilmiş BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasından irəli gəlir.
Bu gün müzakirəyə çıxarılan məsələlərdən biri də cinayət törətmiş uşaqların qapalı tipli təlim-tərbiyə müəssisələrində yerləşdirilməsi ilə bağlıdır. Cəzaçəkmə müəssisələrindən fərqli olaraq qapalı tipli təlim-tərbiyə müəssisələri ümumilikdə yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsi ilə məşğuldurlar. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində cinayət törətmiş uşaqların yerləşdirilməsi xüsusi prosessual qayda tələb edir. Xüsusi ilə də bu, yaşına görə cinayət subyekti sayıla bilməyən şəxslərə aiddir. Buna görə Cinayət-Prosessual Məcəlləsinə 435.1 və 435.2-ci maddələr əlavə edilir. Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan maddələrdə cinayət prosesini həyata keçirən orqan tərəfindən zəruri materialların 3 gün müddətində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi qaydaları müəyyən edilir. Burada 10 gün ərzində cinayət işinə məhkəmədə baxılması qaydaları və bu məsələlərlə bağlı digər icraatın xüsusiyyətləri müəyyən olunur. Təklif olunan dəyişikliklər yetkinlik yaşına çatmayan şəxslərə münasibətin xüsusi prosessual qaydada tərbiyəvi xarakterdə aparılmasına imkan yaradacaqdır. Təklif edirəm ki, bu əlavə və dəyişiklikləri qəbul edək. Əgər suallar olarsa, cavab verməyə hazıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çox düzgün dəyişikliklərdir. Çıxış etmək istəyən də yoxdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədədir. Bu məsələyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyalarında baxılmışdır. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə qanun layihəsi millət vəkillərinə paylanmışdır. Bu məsələyə bizim komissiyada baxılmışdır. Bu ilin yaz sessiyasında “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanun qəbul edilmişdir. Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti vətəndaşların müasir informasiya texnologiyaları vasitələri ilə qeydiyyatını təmin edir. Bu məqsədlə dövlət reyestri xidmətinin maddi bazası yaradılıb və idarəyə xüsusi bina ayrılmışdır. Ölkənin əhali strukturu daim dəyişir, miqrasiya prosesləri genişlənir. Belə halda, təbii ki, əhali barəsində dəqiq məlumat toplamaq mürəkkəbləşir.
Bu gün biz “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna və Əsasnaməyə əlavələri müzakirə edirik. Bu əlavələrdə qüvvədən düşmüş şəxsiyyət vəsiqəsinin bir ay ərzində dəyişdirilməsi öz əksini tapıb. Məsələn, 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soy adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə və yaxud şəxsiyyət vəsiqəsi yararsız vəziyyətə düşdükdə, itdikdə vətəndaş bir ay müddətində şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Bu qayda da reyestrdə dəqiq məlumatların olmasına xidmət edəcəkdir.
Ümumilikdə, dəyişikliklər müvafiq qaydada etibarsız sayılan şəxsiyyət vəsiqələrinin reyestrinin təşkil olunması ilə əlaqələndirilir. Bildiyiniz kimi, dövlət reyestri daim təkmilləşir və bununla əlaqədar qanunvericilikdə də müəyyən dəyişikliklər və əlavələr həyata keçirilir. Təklif edirəm ki, bu dəyişikliklər və əlavələri qəbul edək. Bu, Azərbaycanda gedən proseslərlə, yeniləşmələrlə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Bu məsələyə də Milli Məclisin iki komissiyasında – Təhlükəsizlik və müdafiə məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarında baxılıb. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim edilmiş qanun layihəsi “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi ilə bağlıdır. Həmin dəyişikliklərin və əlavələrin bilavasitə nədən ibarət olduğuna keçməzdən əvvəl bildirmək istəyirəm ki, Konstitusiyamızın 76-cı maddəsində hər bir Azərbaycan vətəndaşının hərbi xidmət borcu nəzərdə tutulubdur. Eyni zamanda, Konstitusiyamıza müvafiq olaraq bizim digər hərbi qanunvericilik aktlarımızda Azərbaycanda bütün qoşun növlərinin tam şəkildə komplektləşdirilməsi məsələsi də gündəmdədir. Ona görə də sizə paylanmış təkmilləşdirilmiş variant da məhz həmin qanunların tam şəkildə fəaliyyət göstərməsinə yönəldilmişdir.
Deməli, birinci, 8-ci maddəyə dəyişikliklər edilir. Bilirsiniz ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ildə 4 dəfə hərbi xidmətə çağırış aparılırdı və çağırış müddəti 20 gün nəzərdə tutulurdu. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, 20 gün müddəti azdır və hərbi komissarlıq 20 gün müddətində çağırışı həyata keçirməkdə müəyyən çətinliklər çəkir. Ona görə də təklif olunur ki, 20 gün 30 gün ilə əvəz olunsun.
Sonra, həmin maddənin ikinci hissəsinə edilən dəyişiklik də sizdə var. Mən orada verilmiş 20 gün məsələsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Konstitusiyamıza və digər qanunlarımıza görə qanunu bilməmək məsuliyyətdən azad edir. Bəzən praktikada belə olur ki, çağırışçının arxasınca bildiriş göndərirlər, amma o, çox təəssüf ki, – bu bəzi hallarda olur, – hərbi komissarlığa gəlmir. Ona görə də qanunvericilik təşəbbüsü hüququnun subyekti hesab edir ki, cənab Prezidentin çağırışla bağlı fərmanı elan olunduqdan sonra, 20 gün müddətində hər bir çağırışçı ona bildiriş gəldi, gəlmədi qeydiyyatda olduğu hərbi komissarlığa gəlməlidir. Hər kəs televiziyadan, mətbuatdan bilir ki, Prezidentin fərmanı nə vaxt qəbul olunur. Ona görə də 18 yaşı tamam olan çağırışçı bunu eşidən kimi, dərhal 20 gün müddətində hərbi komissarlığa gəlməlidir.
Üçüncü dəyişiklik belədir: “üzürsüz” sözü “üzürlü səbəblər olmadan qanunla müəyyən olunmuş müddətdə çağırış məntəqələrinə gəlməyən şəxslər”, habelə “üzürsüz” sözləri ilə əvəz edilsin. Texniki məsələdir. Mən bu məsələdə xüsusi izahata ehtiyac görmürəm.
17-ci maddənin birinci hissəsində söhbət himayəsində birinci və ikinci qrup əlil olan şəxslərin əsgəri xidmətə çağırılmasından gedir. Bu günə qədər himayəsində birinci və ya ikinci qrup əlil olan şəxslər əsgəri xidmətə aparılmırdılar. Təklif olunur “və ya ikinci” sözləri buradan çıxarılsın. Bu məsələ də uzun müddət araşdırmaların predmeti oldu. Məlum oldu ki, ikinci qrup əlil məsələsi ilə alver edən, bu adla əsgəri xidmətdən yayınan vətəndaşlar var. Eyni zamanda, belə qərara gəlindi ki himayəsində ikinci qrup əlil olan şəxslərin dolanması o qədər də çətin deyil. Ələlxüsus da son vaxtlar bu cür əlillərə dövlət tərəfindən xüsusi sosial qayğı göstərilir, onların müavinətləri artırılır. Yeni ildən bu, yenə artırılacaqdır. Belə olan şəkildə onların əsgəri xidmətə getməsi o qədər də problem yaratmayacaq. Amma birinci qrup məsələsi qalır.
Nəhayət, burada “qeydiyyatdan” sözü “dövlət qeydiyyatından” sözləri ilə əvəz olunur. Bu da məsələni bizim digər qanunlara uyğunlaşdırmaq nöqteyi-nəzərindən edilib. 19-cu maddəyə edilən digər dəyişiklik isə belədir: “q” bəndində “əyani formada təhsil alan” sözləri “əyani formada ali təhsilin birinci-bakalavr (ali tibb təhsili üçün, o cümlədən internatura) pilləsində təhsil alan” sözləri ilə əvəz edilsin”. Söhbət nədən gedir? Deməli, bu günə qədər “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunda göstərilir ki, aspiranturada, magistraturada əyani təhsil alan şəxslər təhsillərini başa vurana qədər əsgəri xidmətdən azaddırlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, biz NATO- ya daxil ölkələrin təcrübəsini öyrəndik. Sizə məlumdur ki, bu gün Azərbaycan Avroatlantik məkana inteqrasiya edir. NATO ilə əlaqələrimiz genişlənir və ordumuz NATO standartlarına uyğunlaşır. Müəyyən etdik ki, NATO –ya daxil olan ölkələrdə bu məsələnin həllinə çox ciddi yanaşılır. Onlarda möhlət bir dəfə verilir. Bu ya bakalavr, ya da magistr səviyyəsində verilməlidir. Bizdə bakalavr, magistr və aspirantura məsələləri var. Amma möhlət bir dəfə verilir. Bakalavr pilləsini qurtardın, buyur, əsgəri xidmətini keç, sonra gəl, təhsilini davam etdir.
Yeri gəlmişkən, mən bayaq təsadüfən demədim ki, sizə təkmilləşdirilmiş variant verilib. Əvvəlki variantda ali təhsillilər üçün xidmət müddəti 1 il 6 ay nəzərdə tutulmuşdu. Möhtərəm Prezident İlham Əliyev çox böyük güzəşt etdi və qərara aldı ki, bu müddət 1 il olsun. Yəni biz bakalavr mərhələsini bitirmiş şəxsləri əsgəri xidmətə aparırıq, amma nəzərə alırıq ki, onları uzun müddət elmdən ayırmaq olmaz. Əksəri xidməti başa vurandan sonra kim istəyir magistraturada və yaxud doktoranturada təhsilini davam etdirə bilər. Burada ali tibbi təhsil ayrıca qeyd olunub. Bu, xüsusi bir təhsildir. Bilirsiniz ki, bu gün Tibb Universitetində magistratura yoxdur. Ona görə də onlarda internatura ilə bir yerdə 6 illik təhsildir. İnternaturanı qurtarandan sonra, səhv eləmirəmsə, onlara hərbi rütbə də verirlər. Onları lazım olsa, ali təhsilli həkim kimi orduya çağıracaqlar.
Sonra, orta ixtisas və ya ali təhsili davam etdirmək üçün möhlət yenə də bir dəfə verilir. Yəni texnikumu bitirəndən sonra gedib əsgəri xidmətini başa vurmalıdır. Sonra ali təhsil ala bilər. Deməli, bununla əlaqədar ikinci hissə müvafiq olaraq üçüncü hissə hesab edilir. Artıq bu, texniki məsələdir.
Bilirsiniz ki, bir sıra dövlət orqanlarında, xüsusilə də prokurorluq, vergi, gömrük və ədliyyə orqanlarında müəyyən şəxslər var ki, əsgəri xidmətdə olmayıblar. Biz belə hesab edirik ki, bu orqanlarda zabit rütbəsi almaq istəyən şəxslər mütləq orduda xidmət etməlidirlər. Mən diqqətinizə çatdırmaq istəyirəm ki, gömrük və ədliyyə orqanlarında da mülkü şəxslər işləyə bilərlər. Bizim əmək qanunvericiliyimizə görə hər bir şəxs 16 yaşından etibarən hüquq münasibətlərinin subyekti ola bilər. Ola bilsin ki, Ədliyyə Nazirliyində o elə bir işdə işləyir ki, heç rütbə almağa ehtiyacı yoxdur. Yəni ola bilsin, bufetdə işləyir, qapıçıdır, yaxud texniki işçidir. 16 yaşında işə daxil olub, 18 yaşa çatanda o, artıq əsgəri xidmətə gedəcək. Amma elə insanlar var ki, bu gün gömrük, prokurorluq, ədliyyə orqanlarında vəzifə tuturlar, xüsusi rütbələri var. Leytenantdır, baş leytenantdır və s. Bu cür şəxslər gələcəkdə xüsusi rütbə almaq üçün mütləq orduda xidmət eləməlidirlər.
Əlbəttə, burada müəyyən istisnalar var. Hərbi prokurorluqda və penitensiar sistemdə işləyənlərə bu, aid deyil. Söhbət bu qurumlardan kənarda olan şəxslərdən gedir. Məsələn, mülki prokurorluq işçilərini götürək. Mənim bildiyimə görə, bu kateqoriyadan olan 800-900 şəxs var ki, əsgəri xidmət keçməyib. Bax bütün bunları nəzərə alaraq möhtərəm cənab Prezident İlham Əliyev bizim müzakirəmizə bu qanun layihəsini təqdim edibdir.
Hesab edirəm ki, bu, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycanın hərbi qanunvericiliyinə tamamilə uyğun olan bir məsələdir. Yenə də deyirəm, burada qanunun bütün fəlsəfəsi, qayəsi, mayəsi bir məsələyə xidmət edir. Əgər 76-cı maddədə yazmışıqsa ki, kişi cinsindən olan hər bir Azərbaycan vətəndaşı və özünə kişi deyən hər bir şəxs vətəni qorumalıdır, onda bu maddənin tam reallaşdırılması hər bir Azərbaycan vətəndaşının borcudur. Ondan sonra, əlbəttə, müxtəlif sahələrdə işləyə bilər. Diqqətinizə görə təşəkkür edirəm. Suallar olarsa, məmnuniyyətlə, cavab verməyə hazıram.
Sədrlik edən. Müdafiə nazirinin müavini Çingiz Məmmədov və Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də iclasda iştirak eləyirlər. Onlar da burada səslənəcək suallara cavab verə bilərlər. Musa Quliyev, buyurun.
M. Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, Siz çıxışınızda dediniz ki, yeni layihəyə əsasən həyat yoldaşı ikinci qrup olan şəxslər hərbi xidmətə cəlb olunacaqlar. Bunu da onunla izah elədiniz ki, ikinci qrup əlilliyin verilməsində kifayət qədər neqativ hallar var. Mən Sizi səriştəli və bilikli hüquqşünas hesab edirəm. Xahiş edirəm, Siz, yaxud da burada iştirak edən səlahiyyətli yoldaşlar desinlər ki, indiyə qədər nə qədər adama qeyri-qanuni olaraq ikinci qrup əlillik verilib və nə qədər adam qeyri-qanuni verilən ikinci qrup əlillik səbəbindən əsgərlikdən saxlanılıbdır? Mən o sahədə işləmişəm, indi də əlaqələrim var. İşlədiyim müddətdə bir dəfə də belə hal olmayıbdır. Əgər belə hallar varsa, yalnız çağırış məntəqələri ilə bağlı ola bilər. Məhkəmə tibb ekspertizası həkim-ekspert komissiyalarında yoxdur.
İkinci Siz dediniz ki, üç və daha çox uşağı olan və ikinci qrup əlil həyat yoldaşı olan çağırışçılar hərbi xidmətə çağırılacaqlar. Yalnız birinci qrup əlil həyat yoldaşı olanlar hərbi xidmətə çağırılmırlar.
Z. Əsgərov. Mən elə söz demədim, xahiş edirəm, dediyimi təhrif eləməyin. Ümumiyyətlə, üç uşaqdan söhbət getmir.
M. Quliyev. İkinci qrup əlildən söhbət gedirmi? Bunun iki uşağı var, iki uşağından biri və ya ikisi də, ana da əlildirsə, kim o uşaqları saxlayacaq? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr! Hörmətli Ziyafət müəllim, məlumdur ki, xaricdə xeyli tələbə təhsil alır. Bakalavr pilləsindən sonra onlar magistraturaya daxil olublar və yaxud da köçürmə yolu ilə magistraturada oxuyurlar. Bu, xaricdə yaşayan tələbələrimiz üçün problem yaratmayacaq ki? Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət Həsənova.
M. Həsənova. Çox sağ olun. Ziyafət müəllim, mən bu dəyişiklikləri dəstəkləyirəm və özü də yüksək qiymətləndirirəm. Mənim sualım var. Mən belə başa düşdüm ki, çağırış vərəqəsi oldu-olmadı, Prezidentin fərmanı olan kimi çağırışçı məntəqəyə gəlməlidir. Axı bu təkcə Bakı üçün nəzərdə tutulmayıb. Hamımız bilirik ki, bu saat qış vaxtıdır, Azərbaycanın bölgələrində işıq fasilələrlə verilir. Xüsusən axşamlar işıq olmur. Çağırışçı bunu televiziyadan eşitməyibsə, haradan biləcək? Bu, müəyyən neqativ halların yaranmasına səbəb olacaqdır. Mənə elə gəlir ki, çağırış vərəqəsi mütləq verilməlidir. Onun əsasında da çağırışçı məntəqəyə getməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çağırışçılar 10 gün qabaqcadan bilirlər ki, çağırış olacaq. Buyurun, Fəzail müəllim.
F. Ağamalı. Çox təşəkkür edirəm, cənab Sədr! Hörmətli Ziyafət müəllim, mühüm bir məsələni aydınlaşdırmağa ehtiyac var. Təbii ki, mən bu qanunun tərəfdarıyam və ona səs verəcəyəm. Bu gün Azərbaycanda xüsusi istedadı olan gənclər var. Eyni zamanda, yüksək bal toplayan tələbələr də ölkə Prezidentinin xüsusi təqaüdü ilə təmin olunurlar. Bu cür insanlar Azərbaycan xalqının milli sərvətidir. Bunlardamı dediyiniz o kateqoriyaya daxildir? Onlardamı bakalavr pilləsini qurtarandan sonra əsgərliyə getməlidirlər? Buna məhdudiyyət varmı? Əgər yoxdursa, mənə elə gəlir ki, bu, hökmən nəzərə alınmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Sağ olun, hörmətli Sədr. Ziyafət müəllim, əgər bu qanun qəbul olunarsa, ildə neçə nəfər aspirantın və neçə nəfər magistrin əsgərliyə getmək məsələsi gündəmə gəlir? Sizdə belə bir məlumat varmı? Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim, suallara indi cavab vermək istəyirsiniz, yoxsa axırda?
Z. Əsgərov. Oqtay müəllim, icazə verin, indi cavab verim. Burada hörmətli Musa müəllim ikinci qrup əlillərlə bağlı sual verdi. Musa müəllim, mən dedim ki, bundan öz xeyrinə istifadə eləyən şəxslər var, amma bu, səbəblərdən biridir. Əsl səbəbi mən dedim. Azərbaycan Konstitusiyasının 76-cı maddəsini tam dolğunluğu ilə tətbiq eləmək və Azərbaycanda mövcud olan bütün növ qoşunları yüz faiz komplektləşdirmək zərurətdir. İkinci qrup əlillərlə bağlı sual verdiniz. Qüvvədə olan qanunun 17-ci maddəsində yazılır: “Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir”. 2-ci bənd belədir: ”Birinci və ya ikinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda”. Hesab edirəm, hər şey adındır. Əgər mənim cavabım Sizi qane eləməsə, cənab general buradadır, o Sizə daha aydın cavab verə bilər.
Xaricdə təhsil alan uşaqlarla bağlı sual oldu. Bu məsələ də geniş müzakirə edilib. Bizim komissiyanın iclasında təhsil naziri hörmətli Misir Mərdanov da iştirak eləyirdi. Komissiyada belə bir rəy əmələ gəldi ki, bu məsələ ilə əlaqədar problem olmayacaq. Dövlət xətti ilə xaricdə bakalavr pilləsini qurtarıb gəlirlər və əsgəri xidmətə gedirlər. Kimsə öz hesabına oxuyursa, qanuna əsasən gəlib əsgəri xidmətini eləməlidir.
Məlahət xanım rayonlarda işıqların sönməsi barədə danışdı. Əvvəla, mən sizə deyim ki, bu gün Azərbaycanın rayonlarında işıq çox yüksək səviyyədə verilir. Ən çox şikayət Naxçıvandan idi, şükür Allaha dünən artıq orada da stansiya işə düşdü və problem olmayacaq.
İkinci bir tərəfdən, Məlahət xanım, mən Sizə dedim axı, qanunda yazmışıq ki, Prezidentin fərmanı elan olunandan sonra 20 gün müddətində. Bunun 20 günü var. Yəni 20 günə qədər o, xəbər tutmayacaq ki, çağırış elan olunub? Bundan artıq nə güzəşt eləyə bilərik?
İstedadlı uşaqlarla bağlı sual verildi. Fəzail müəllim, mən istəmirəm ki, Sizdə belə bir təsəvvür yaransın ki, orduya ancaq istedadsız uşaqlar getməlidirlər. Bəyəm orduya istedadlı uçaq gedə bilməz? Orduya fizikanı, kimyanı, biologiyanı yaxşı bilən lazım deyil? Bəlkə o, xidmət elədiyi müddətdə hərb elmini sevəcək, əsgərlikdən sonra ondan yaxşı hərbi mütəxəssis olacaq. Əgər Siz onlara yaxşı sərvət deyirsinizsə, sərvət birinci növbədə Azərbaycan dövlətinin özüdür. Bu gün Azərbaycan dövlətinin 20 faizi işğal altındadır. Biz birinci növbədə bu barədə fikirləşməliyik. Həm də mən dedim axı, cənab Prezident çox böyük güzəşt elədi, il yarımı bir illə əvəz elədi ki, onlar elmdən uzaq düşməsinlər. Sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən çıxış eləmək yox, ancaq fikrimi bildirmək istəyirəm. Biz həmişə vətənpərvərlikdən danışırıq və tez-tez deyirik ki, müharibə şəraitində olan dövlətik. Biz NATO standartlarına keçirik. Mən hesab edirəm ki, bu, həddindən artıq vacib qanundur. Burada çox şeyi də xırdalamaq olmur. Xahişim odur ki, qanuna vətənpərvər kimi yanaşaq, populizmdən kənar olaq, konkret danışaq. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, qanunun bizə əvvəlkindən fərqli bir variantda təqdim olunması müsbət haldır. Yəni bu, ümumi abi-havanın qəbul edilməsi mənasına gəlir. Qeyd etmək istəyirəm ki, biz bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə birlikdə hərbi qanunvericilikdə 70-ə yaxın dəyişikliklər edilməsi barədə təkliflərimizi irəli sürmüşük və onları ölkə Prezidentinə, Milli Məclisin Sədrinə və müvafiq komissiyaya göndərmişik. Bu istiqamətdə də qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətimiz davam eləyir.
Amma müzakirə olunan məsələnin gündəliyə gəlməsi hesab edirəm ki, müəyyən narahatlıqdan qaynaqlanır. Bu, ordunun komplektləşdirilməsinə və gücləndirilməsinə, dövlət təhlükəsizlik probleminin həll edilməsinə olan qayğı və narahatlıqdan irəli gəlir. Amma bu məsələyə yanaşmanın fəlsəfəsi, məncə, doğru deyil. Bizdə hər şeyə yanaşma fəlsəfəsi dövlət nöqteyi-nəzərindən olur. Amma müasir dünyada hər bir problemə yanaşmada insan mənafeyi əsas götürülür. Yəni dövlət insana xidmət etmə vasitəsidir. “İnsan dövlət üçün ölməlidir”, yaxud “insan dövlət üçün öz həyatını verməlidir” anlayışı sovet sosialist ideologiyasının məhsuludur. O, keçmişdə qaldı. Ona görə də mən məsələyə bu baxımdan yanaşmaq istəyirəm.
Məsələn, bizdə iki uşaq atasının hərbi xidmətə aparılması var. Əslində burada problem nədir? Adam çatmır, başa düşdük. Amma burada problem tamamilə başqadır. Hüquqi təminat mexanizmi təkmilləşməyincə, bu problemlər qalacaq. Hərbi xidmətin çətinliyini hamı qəbul edir. Amma söhbət ondan gedir ki, hərbi xidmətdə hüquqsuz mühitin olmasına görə heç kim övladının döyüş bölgəsinə düşməsini istəmir. Hamı övladının daha qalmaqalsız şəraitdə xidmət etməsini istəyir. Bu amillərə görə belə narahatlıqlar ortalığa çıxır.
Bu qanunla bağlı nəyi təklif eləmək istəyirdim? İkinci qrup əlillərlə bağlı məsələ, məncə, yenə saxlanılmalıdır. Burada hərbi komissarlıqlara hər hansı bir şübhəli məqam varsa, onun tezliklə araşdırılması istiqamətində iş görmək imkanı tanınmalıdır. Bunun formasını müzakirə eləyib müəyyən etmək olar.
İkinci, vətəndaşların hərbi çağırış məntəqələrinə gəlməsi məsələsinə toxunmaq istəyirəm. Bu, normal məsələdir, onsuz da bəzi adamlar göndərilən çağırış vərəqələrini imzalamaqdan imtina eləyirlər. Bəzən “uşaq burada yoxdur” deyirlər, bəzən də qaçır, gizlənirlər. Amma hərbi komissarlıqların qarşısında günlərlə vaxtını, növbəsini gözləyən insanları görəndə adam bu qeyri-mədəni münasibətdən təsirlənir. Ona görə mən təklif edirəm, hərbi komissarlığın da üzərinə öhdəlik qoyulsun. Onlar çağırış məntəqəsinə gəlmiş şəxsləri iki saatdan gec olmayaraq qeydə alınsınlar və onlara qeydiyyatdan keçdikləri barədə arayış versinlər.
Sonra, burada qeyd olunur ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli hərbi xidmətə çağırışdan azad edilməyən çağırış yaşlı vətəndaşlar müddətli hərbi xidmət keçmədikdə gömrük, vergi və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. Gəlin, bu məsələyə bir az prinsipial yanaşaq. Bəlkə bunu bütün kateqoriyalara aid eləyək. Ümumiyyətlə, hərbi xidmət keçməmiş Azərbaycan vətəndaşı bu orqanlarda işə götürülməsin. İşə götürülmənin prinsiplərini yaxşı bilirik, özümüz də hüquq fakültəsini bitirmişik. O dövrdən bütün sistem necə formalaşıb, aydın bilirik. Məhkəmə orqanlarında da kişi cinsinə mənsub şəxslərin hərbi xidmət keçmədən hakim vəzifəsi tutması məqsədəuyğun sayılmamalıdır. Türkiyədə, başqa ölkələrdə bu təcrübə var. Mən hesab edirəm ki, biz buna daha prinsipial yanaşmalıyıq. Möhlət hüququ olan, olmayan, heç birinə istisnalıq vermədən hərbi xidmət keçməyən şəxslərin bu sistemdə işləməsinə yol verməmək üçün qanunda daha prinsipial dəyişikliklər etməliyik. Bu, işimizin xeyrinədir.
Yekunda bir aktual məsələyə də toxunmaq istərdim. Oqtay müəllim, ötən dəfə Siz deputatların köməkçiləri ilə bağlı bizə məlumat verdiniz ki, bu məsələ deputatların ixtiyarına verilib, həll olunacaq. Biz maraqlandıq, bizə bildirdilər ki, bunun proseduru hələ hazır deyil. Milli Məclisin smetası təsdiq olunanda göstərildi ki, bu, yanvarın 1-dən qüvvəyə minir. Mən xahiş edirəm, bu prosedurla bağlı bizə məlumat verilsin. Bu, fevrala, marta yekunlaşacaqsa, deputatlar iki ay vaxt itirirlər. Yəni müəyyən olunmuş müddətdə deputatların köməkçiləri maaşlarını itirirlər. Bu, ən azı, deputatların mənafelərinə uyğun gəlmir. Mən bunu məsələnin aydınlaşdırılması baxımından deyirəm. Bizə aydınlaşdırsınlar ki, bu prosedur nə vaxt dəqiqləşəcəkdir ki, biz öz namizədlərimizi verib məsələnin həllinə nail olaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Kimdən öyrənmisiniz mən bilmirəm, biz qanunu qəbul eləmişik və demişik ki, namizədləri vermək lazımdır. Qanunun prosedur məsələsi həll olunub. Həll olunmayan məsələ ondan ibarət idi ki, bu gün siz millət vəkilisiniz, özünüzə köməkçi götürürsünüz, amma 5 ildən sonra siz millət vəkili olmayacaqsınız, sizin yerinizə başqası olacaq. Onda bu köməkçinin taleyi necə olacaq? O, dövlət qulluqçusudur. Onu işdən necə çıxaracaqsan? Həll olunmayan məsələ budur, bunun da üzərində iş gedir. Ancaq onu da deyim ki, bu vəsait büdcədən ayrılıb, deputatın mənafeyinə heç bir ziyan dəyməyəcək. Bir də, indiyəcən köməkçi yox idi, mənafeyə ziyan dəymirdi, indi köməkçi verilib, bir ayda dəyəcək çox böyük ziyan söhbətini edirsiniz. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu məsələyə komissiyada geniş baxıldı, hörmətli Ziyafət müəllim də bunu ətraflı izah elədi. Mənə elə gəlir ki, bunu bu qədər geniş müzakirə eləməyə ehtiyac yoxdur. Ayın 1-dən 20-nə kimi biz bu prosesi başa çatdıra bilmirdik. Əslində 30 gün də azdır, amma 30 gün eləyiblər, birtəhər işləmək olacaq.
Yoldaşlar Prezidentin fərmanı ilə bağlı danışdılar. Necə olur, mən televiziyada, radioda Prezidentin fərmanını eşidirəm, qonşuları əsgər gedir, amma onlar eşitmir? İkinci, çağırış vərəqəsi də göndəriləcək, buna şübhə yoxdur. Amma məncə, o qədər kağıza pul verməyə ehtiyac yoxdur. Rusiyada və başqa dövlətlərdə də bilirlər ki, Azərbaycanda ildə 4 dəfə çağırış olur. 4 dəfə çağırışı da bizimkilər bundan qabaq eləmişdilər, hələ çox boşluqlar var, dəyişikliklərə ehtiyac olacaqdır. Türkiyədə orduya ildə bir dəfə çağırış gedir. Özü də orada bu iş zonalarla həyata keçirilir. Bizdə ildə 4 dəfə elədilər, bu da əziyyətdir. Məncə, ildə iki dəfə olması məqsədəuyğundur.
Ziyafət müəllimin qeyd elədiyi kimi, çağırışçılara bir dəfə möhlət verilir. Magistratura təzə açılıb. Qabaq aspirantura vardı, onda onlara möhlət verilirdi. Əgər biz bunu bu cür qəbul etməsək, onda gərək oxuyanlara 10 il möhlət verək, 10 il müddətində də hər çağırışçının 8 uşağı olacaq. Belə olan halda orduya heç kəsi göndərə bilməyəcəyik. Bu dəyişiklik çox vacibdir. Fazil müəllim deyir ki, qanun çıxsın ki, məhkəmə, prokurorluq orqanlarında orduda qulluq eləməyənlər isə götürülməsin. Belə söhbət yoxdur. Bu da qanunda çox gözəl göstərilib, ailə vəziyyətinə, xəstəliyinə görə orduya yararsızdırsa, əlbəttə ki, həmin adam həmin orqanlarda işləyə bilməyəcək. Bu dəyişikliklərin hamısı qanunamüvafiqdir, ona görə burada geniş müzakirəyə ehtiyac yoxdur.
Oqtay müəllim, mənim bir bəyanatım var, icazə versəniz, onu oxuyardım. Bu gün Azərbaycanın sosial-iqtisadi həyatında mühüm və əhəmiyyətli dəyişikliklər gedir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz bölgənin lider dövlətinə çevrilmişdir. Xalq ilə hakimiyyət arasında vəhdət yaranmışdır. Heydər Əliyev yolunun, Prezident İlham Əliyev siyasətinin alternativinin olmadığını bir daha bəyan edərək, bu siyasətin ardıcıl həyata keçirilməsində böyük rol oynayan və Prezidentimizin rəhbərlik elədiyi Yeni Azərbaycan Partiyasına daxil olduğumu bildirirəm. Xahiş edirəm, bunu müsbət qəbul eləyəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mövzuya keçməmişdən istərdim, bir məsələni qeyd eləyim. Deputatdır, hüququ var, bəyanat verir. Siz gündə burada aya uçmaqdan başlamış, yerin altına getməyə qədər 50 cür fikir danışırsınız. Bəyanat verir və düzgün edir. İndi isə qanun layihəsi ilə əlaqədar fikirlərimi bildirmək istəyirəm.
Ziyafət müəllim qanun layihəsini təqdim elədi, mən də bu dəyişikliklər və əlavələri dəstəkləyirəm və deputat həmkarlarımdan xahiş edirəm ki, buna səs versinlər. Bu, ordumuzun güclənməsi və dövlətimizin möhkəmlənməsi üçün vacib elementlərdən biridir. Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi çağırışla bağlı öz təkliflərim var. Birinci növbədə hesab edirəm ki, ordunun gücü onun sayında deyil, mütəşəkkilliyində, peşəkarlığındadır. Misal üçün, dünyada canlı qüvvələrin sayına görə Rusiyanın 5-ci, Türkiyənin 15-ci yerdə durmasına baxmayaraq, bu gün türk ordusunun gücü Rus ordusundan qat-qat üstündür. Cənubi Koreyanın ordusu dünyada 4-cü yeri tutur, lakin başqa bir ölkənin ordusunu misal gətirmək olar ki, peşəkarlığına görə daha güclüdür.
Azərbaycan ordusu istər İraqda, istər Əfqanıstanda, istərsə də Kosovoda sülhməramlı qüvvələrin tərkibində iştirak edib. Dəfələrlə hörmətli Ziyafət müəllimlə NATO-un tədbirlərində Azərbaycan ordusunun gücü, professionallığı barədə deyilən fikirlərin şahidi olmuşuq. Hətta ABŞ-ın keçmiş müdafiə naziri Ramsfeld özü qeyd elədi ki, Azərbaycanın bir nəfər əsgəri ABŞ ordusunun 3 əsgərinə bərabərdir. Lakin müəyyən çatışmayan cəhətlər var ki, bunların da aradan qaldırılması vacibdir.
Ordu peşəkar olmalıdır. Biz ordumuzu NATO standartlarına uyğun qururuq və hesab edirəm ki, çağırış sistemimizi də tədricən ona uyğunlaşdırmalıyıq. Amma bu sahəyə fikir verəndə görürük ki, sovet dövrünün psixologiyası, müəyyən əlamətləri hələ də qalmaqdadır. Biz tədricən, tutalım, gündə bir əlavə etməkdənsə, ümumi prinsipial məqamların ortaya qoyulmasının və qanunun fəlsəfəsində bunun öz əksini tapmasının tərəfdarı olmalıyıq. Məsələn, kimlərə möhlət hüququ verilməlidir. İndi burada söyləyirlər ki, 3 uşağı olanlar getmir, iki uşağı olanlar gedir.
Fikir versəniz, burada oturanların hamısının iki övladı var. İki övladı saxlamaq asan məsələdir? Valideynin 2 övladı var, dövlət idarəsində işləmir, bazarda ticarətlə məşğuldur. Bunu götürüb əsgər aparırıq. İki övladını və gənc həyat yoldaşını taleyin ümidinə buraxırıq. Onlar necə dolanacaq, necə yaşayacaqlar? Vətənə layiqli övladı böyüdüb boya-başa çatdıra biləcəyikmi? Biz əvvəlki qaydaya qayıtmalıyıq, 2 övladı olan hərbi mükəlləfiyyətdən azad olunmalıdır. Çünki biz ölkə, torpaq, ana vətən deyirik. Biz ana vətənin övladını, hələ bazarlar bir yana qalsın, atırıq küçənin ortasına ki, əl açsın, dolansın. Atasını aparırıq hərbi xidmətə, onun da fikri övladının, ailəsinin yanında qalır. Mənim başım çıxmır, bundan necə əsgər çıxacaq? Biz Yeni Azərbaycan Partiyası olaraq dəfələrlə cəbhə bölgələrində olmuşuq və əsgərlərin bəzi fikirlərini eşitmişik.
Biz müvafiq addımlar atmalıyıq ki, bu məsələdə vətəndaşlarımızın hüquqları qorunsun. Məndən əvvəl çıxış eləyən Fazil Mustafayev qeyd elədi ki, guya dövlət əsas deyil, əsas vətəndaşdır. Əgər Türkiyənin praktikasını götürürüksə, orada hər bir əsgər vətən, dövlət üçün həlak olur. Əgər bir insanın vətəni, dövləti yoxdursa, onun bir fərd kimi yaşamasının nə mənası var? Ən önəmli vətən və dövləti olmalıdır. O da bu addımları hərbi xidmətə gedəndə atmalıdır. Ona görə də hesab edirəm ki, iki övladı olanları da hərbi mükəlləfiyyətdən azad etsək, məqsədəuyğun olardı.
Xaricdə təhsil alanlarla əlaqədar burada fikirlər səsləndi. Cənab Prezident sərəncam verib, ildə 200-250 nəfərə dövlət pul ayırıb, xaricə göndərir ki, təhsil alsın, mütəxəssis kimi yetişsin, gəlsin. Azərbaycana qayıdan kimi hərbi komissarlıq başının üstünü kəsdirir, hərbi xidmətə aparır. Xeyli vəsait sərf edərək kadr yetişdirmişik və onları da geri qayıdan kimi o dəqiqə hərbi xidmətə aparırlar. Bir ildən sonra ingilis dilini də yadından çıxarırlar, öyrəndikləri elmi də. Nəticədə dövlətin külli miqdarda verdiyi pul havaya gedir. Bunlar Prezidentin sərəncamı ilə xaricdə göndəriliblər, müəyyən dar ixtisaslar üzrə təhsil alıblar. Biz bunların da möhlət hüququna baxmalıyıq.
İkinci bir tərəfdən, dünya praktikası var, biz də ondan kənara qaça bilmərik. Çağırışa getmək istəmir, çox gözəl. Bir miqdar müəyyənləşdirilsin, vətəndaş gəlsin, ödəsin, Türkiyədə olduğu kimi, bir ay xidmət eləsin. Pulu da ordunun hesabına keçirsin. O pulun hesabına da başqa əsgərlər qidalansın. Bu yaxınlarda Gürcüstanda o sistemə keçiblər. Türkiyənin ən tanınmış müğənnisi Tarkanı Almaniyadan tutub gətirdilər, pulunu da aldılar, bir ay da hərbi xidmətdə oldu. Ondan sonra dedilər ki, gedə bilərsən. Budur vətənə xidmət, budur ordunun nüfuzunu artırmaq, budur ordunu gücləndirmək. Bunların hamısı leqallaşanda artıq o neqativ hallar da ortada olmayacaqdır.
Qeyd olundu ki gömrük, vergi, prokurorluq orqanlarında vəzifə tutmaq işləyən hərbi xidmətə getməlidir. Əgər orada süpürgəçi işləyirsə, getməməlidir? Biz qanunda konkret olaraq göstərməliyik ki, vəzifədən asılı olmayaraq kim dövlət idarəsində işləmək istəyirsə, hərbi xidmətdə olmalıdır. Elə götürək nazirin köməkçisi vəzifəsini. Hərbi mükəlləfiyyət bunun üçün hərbi vəzifə getmir, mülki vəzifə gedir. Deməli, bu, hərbi xidmətdən yayınmalıdır? Ən mühüm vəzifələrdən birini həyata keçirir. Ona görə də dövlət idarəsində çalışan hər bir Azərbaycan vətəndaşı hərbi xidmətdə olmalıdır. Əks halda həmin insan dövlət idarəsində çalışa bilməz. Bunu biz bura daxil etməsək, yayınma halları yenə də davam edəcək. Ona görə də biz qanunu daha da mükəmməlləşdirməliyik.
Bu qanun layihəsinə səs verəcəyəm, amma bir fikrim var. Hər dəfə bu qanun layihəsinə müxtəlif dəyişikliklər, əlavələr tətbiq etməkdənsə, onun NATO standartlarına uyğun yeni forması verilməlidir.
Mən Məlahət xanımın fikrini də dəstəkləyirəm. Prezidentin sərəncamı var, amma bu, nəticə yaratmamalıdır. Vətəndaşı məcbur edə bilməzsən ki, get qonşudan soruş, gör çağırış varmı? Yaxud da ona deyə bilməzsən ki, mütləq televizora bax, qəzet oxu. Bu müəyyən bir addım kimi qiymətləndirilə bilər. Çağırış vərəqəsi özü bir nəticə yaratmalıdır. İstifadə olunan hər hansı bir informasiya nəticə yarada bilməz. Hesab edirəm ki, bu məsələyə də ciddi yanaşmalıyıq, çünki bu, gələcəkdə böyük problemlər yaradacaqdır. Vərəqə göndərməyəcəklər, deyəcəklər ki, sən eşitmişdin, niyə gəlmədin? Ondan sonra bu adamı məhşər ayağına çəkəcəklər. Bu maddəyə müəyyən düzəliş olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən Sizin səsləndirdiyiniz iki məsələyə qısa şəkildə aydınlıq gətirmək istərdim. Birinci, deyirsiniz ki, 3 uşağı olanı əsgərliyə çağırmırlar. Bizdə neçə yaşında evlənirlər? 18 yaşından tez evlənmirlər, eləmi? Bir uşağı olanda getsin, əsgərliyini eləsin. Biz gözləməliyik ki, 3 uşağı olandan sonra çağırsınlar? Çox vaxt vətənpərvərlikdən danışırıq.
Biz fəxrlə deyirik ki, kimsə xaricdə oxuyub. Yalnız alim yetişdirmək şərt deyil, biz kişi də yetişdirməliyik. Gənclərimiz əsgərlikdə olmalıdırlar. O dövrdə dediyiniz ölkələrdə nə müharibə olub, nə doğum azalıb, nə də başqa məsələlər olub. Biz ordumuzu komplektləşdirməlyik. Ona görə də bu məsələyə bir az dərindən baxmalıyıq. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Məndən qabaq deputat həmkarlarım təklif olunan əlavə və dəyişiklərlə bağlı çox qiymətli fikirlər söylədilər və mən də deyilənlərin böyük əksəriyyətinə qoşuluram. Biz müəyyənləşdirməliyik ki, belə bir şərait nədən yaranır və niyə Azərbaycan ordusunda əsgər çatışmır? Bu, çox ciddi bir problemdir və mən hesab edirəm ki, araşdırılmalıdır.
Bunun bir böyük səbəbi var. Bizim ordu 8 milyon əhaliyə hesablanır, amma ölkədə yaşayan əhalinin sayı faktiki olaraq 5 milyon nəfərdən artıq deyil. Artıq Rusiyanın statistika idarələri məlumat verir ki, vaxtı ilə mühacir kimi Azərbaycana gələnlərin təxminən bir milyon nəfərindən artığı Rusiya vətəndaşlığını qəbul eləyibdir. Aydın məsələdir ki, bunlar ailə və uşaqlarını da aparıblar. Bu tipli məsələlər, yəni ölkədə mühacirətin kütləvi xarakter alması Azərbaycan ordusunun kompleksləşdirilməsində ciddi problemlər yaradıbdır və ona görə də biz bu gün bu təcili tədbirləri müzakirə etmək məcburiyyətindəyik.
Mən həmişə müşahidə eləmişəm, Azərbaycan parlamentində ordunun problemləri müzakirə ediləndə elə bir deputat tapmaq çətindir ki, ya orduya büdcə ayrılmasına, ya da ordu ilə bağlı hər hansı bir məsələnin müsbət istiqamətdə həll olunmasına etiraz eləsin. Bir qayda olaraq Azərbaycan parlamentində Müdafiə Nazirliyinə, Azərbaycan ordusuna, həmişə müsbət münasibət olubdur və həmişə parlament ordunun problemlərini həll eləməyə meyilli olubdur.
Əlbəttə, təqdim olunan dəyişikliklərin müsbət tərəfi də var, ağır nəticələr verəcək tərəfləri də. Müsbət nəticə odur ki, qanunvericilik təkmilləşdirilir, daha aydın yazılır və eyni zamanda, orduda xidmət etmiş gənclərin işlə təminatında çox faydalı addımlar atılır. Mənə ordudan qayıtmış onlarla gənc işə görə müraciət eləyir. Hansı müəssisəyə müraciət edirsənsə, müsbət cavab ala bilmirsən. Hesab edirəm ki, bu qanun qəbul edildikdən sonra bu istiqamətdə faydalı addımlar atılacaqdır. Vətənə xidmət edən gəncləri dövlət işlə təmin eləyə bilmirsə və işlə təmin edilməkdə onlara üstünlük vermirsə, bu artıq yaxşı hal deyil.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Mən də burada əlillik dərəcələri ilə bağlı qaldırılan məsələlərə şərikəm. Əgər biz hər hansı bir nazirliyimizin obyektiv, düzgün işlənməsini təmin də bilmiriksə, bunun üçün vətəndaşları cəzalandırmağa ehtiyac yoxdur. Bundan sui-istifadə halları varsa, ilk növbədə ona şərait yaradan orqanları müalicə etmək lazımdır. Bu məsələyə mənim yanaşmam belədir.
İkinci tərəfdən, mən təhsil işçisiyəm və neçə ildir, təhsilin problemləri ilə bağlı Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi arasında olan münasibətlərlə bu və ya digər dərəcədə tanışam. Şübhəsiz ki, biz ordunu komplektləşdirmək, problemlərini həll etmək və onu gücləndirmək istəyirik. Amma ordunun gücləndirilməsi digər bir sahənin zəiflədilməsi hesabına olmamalıdır. Gəlin, hesablayaq, il ərzində Azərbaycan Respublikasının ali məktəblərində aspiranturaya üst-üstə 30 yerdən artıq yer verilmir. Lap olsun 200 yer. Mən sizi əmin edirəm ki, vətənin taleyi 200 nəfərlə həll olunmur. İndi Azərbaycanda təhsil fasiləsiz xarakter daşıyır. Bakalavr sistemində təhsil alanların 8-10 faizi magistraturaya qəbul olunurlar. Bu 8-10 faiz Azərbaycan ordusu üçün ciddi bir problem yaradan səviyyə deyil. Əgər mümkündürsə, müzakirənin gedişində digər deputatlar da bu təklifə tərəfdar olarlarsa, gəlin, bu məsələni bir də cənab Prezidentin diqqətinə çatdıraq və ona yenidən baxılmasını xahiş edək.
Burada deputat Siyavuş Novruzov 2 uşaq məsələsini qaldırdı. Mən də ona tərəfdaram və bu məsələdə ailənin tərbiyəsini, ailənin maddi təminatını və uşaqların gələcəyini nəzərə almaq lazımdır. Qadağan eləmək olmaz ki, uşağı olmasın. Çində bunu tətbiq eləyirlər və müəyyən limit qoyublar. Amma Azərbaycan kimi respublika üçün bu, məqbul deyil.
Daha iki məsələyə, Ziyafət müəllim, mən öz münasibətimi bildirmək istəyirəm. Bunun birincisi çağırışın ildə 4 dəfə olmasıdır. İndi ilin 4 ayı çağırış keçiiriləcək. Bu, bir növ səfərbərlikdir. İlin 4 ayı respublika bu prosesi yaşamalıdır. Bir halda ki bu təkliflər, bu dəyişikliklər edilir, onda bunu ildə iki dəfəyə endirmək lazımdır. Tez-tez Türkiyə təcrübəsinə istinad edirlər. Türkiyədə ildə 4 dəfə deyil. Bu, regionlar üzrə olduğu üçün 4 dəfə çağırılır. Amma hər hansı bir bölgədə bu, ildə iki dəfədən artıq deyil.
Sonuncu deyəcəyim məsələ 35 yaşla bağlıdır. Milli Məclis çağırış yaşını 28-dən 35-ə çatdıranda böyük bir səhvə yol verildi. Heç bir orduda, – muzdlu ordunu nəzərdə tutmasaq – hərbi mükəlləfiyyət baxımından vətəndaşların 35 yaşında hərbiyə çağırılması məqbul hesab edilmir.
Ziyafət müəllim, fürsətdən istifadə edib bir məsələni də Sizin diqqətinizə çatdırmaq istəyirəm. Ötən dəfə bir balaca anlaşılmazlıq yarandı və Siz də bu məsələyə çox kəskin reaksiya verdiniz. Mən o məsələ ilə bağlı sənədləri də gətirmişəm. May ayının 8-də Dövlət Yol Polisinə müraciət eləmişəm.
Sədrlik edən. Cəmil müəllim, o məsələnin yeri deyil. Sonra ikimiz aydınlaşdırarıq. Mahiyyəti üzrə sözünüz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Hörmətli deputatlar, indi mənə məlumat verdilər ki, çıxış üçün yazılanların sayı 33 nəfərdir. Biz əgər 10 dəqiqə danışsaq, onda görün bu nə qədər vaxt aparacaq. Etiraz yoxdursa, gəlin reqlamenti 5 dəqiqə edək. Səsə qoymaq lazımdır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda reqlament 5 dəqiqə müəyyənləşdirilir. Buyurun, Azay müəllim. Özü də Azay müəllimlə başlayırıq ki, sonra heç kim deməsin ki, niyə mənə 5 dəqiqə vaxt verilir. Bilirik ki, Azay müəllim inciməz. Buyurun.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də razıyam, həqiqətən, fikirlər qısa və konkret söylənsə, daha məqbul olar, digər həmkarlarımız da öz fikirlərini bildirərlər. Hörmətli həmkarlar, hörmətli qonaqlar, hörməli mətbuat nümayəndələri! Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi ilk növbədə Azərbaycan ordusunda islahatların davamı kimi qiymətləndirilməli, hərbi çağırışda bir sistemin yaradılması kimi qəbul olunmalıdır. Bütövlükdə təqdim olunan təkliflərin mahiyyətini nəzərə alsaq, hesab edirəm ki, bu dəyişiklilər məqbuldur və bunlar yalnız və yalnız ordunun qüdrətlənməsinə xidmət edir. Burada müxtəlif fikirlərə də hörmətlə yanaşmaq şərti ilə bu diskussiya davamlı olmalıdır və qərarlar qəbul olunmalıdır.
Mənim anlamıma görə, ümumiyyətlə, hərbidə və dövlətə, millətə və vətənə xidmətdə güzəştlər olmamalıdır. Güzəştlər ancaq fiziki imkanla bağlı olmalıdır. Yəni bir insanın fiziki imkanı yetərli deyilsə, buna görə güzəşt olunmalıdır. Necə ola bilər ki, tutalım, mən gedib iki il xidmət edim, amma başqa göstəricilərlə bağlı kimsə xidmət etməsin? Yəni bizim vətənə xidməti münasibətimiz tamamilə başqa cür müəyyən olunmalıdır. Ona görə də “mən ali təhsilliyəm, mən istedadlıyam deyə xidmət etməyim” fəlsəfəsi düzgün deyildir. Biz ən azı unutmamalıyıq ki, torpaqlarımız işğal altındadır. Mənim şəxsi düşüncəmə görə biz torpaqıarımızı hərbi yolla azad etməliyik.
İkinci, məni şəxsən düşündürən məsələlər vardı ki, onlar təkmilləşdirilmiş formada nəzərə alındılar. Məsələn, üç uşaqlı valideynin əsgərliyə getməsi məsələsi, doğrudan da, ailə üçün bir balaca çətinlik yarada bilərdi. Amma biz iki uşaqlıya da, bir uşaqlıya da möhlət versək, mənə belə gəlir ki, bu, böyük bir problem yarada bilər. Ümumiyyətlə, bu, sistemi poza bilər. Mən hesab edirəm ki, bu, təqdirəlayiqdir.
Burada ildə 4 dəfə çağırışla bağlı məsələ qaldırıldı. Bəlkə də bu məsələyə baxmaq olar, amma mənə elə gəlir ki, ildə 4 dəfə keçirilən çağırışın 2 dəfəyə endirilməsi bir balaca texniki xarakter daşıyır. Şəxsən çağırışçı üçün bu o qədər də əhəmiyyət kəsb etmir. Önəmlisi budur ki, bunlar doğru-dürüst şəkildə nizamlansın.
Sonra, burada belə bir müddəa var ki, prokurorluq, gömrük, ədliyyə orqanlarında çalışan şəxslər o vaxt rütbə ala bilərlər ki, onlar hərbi xidməti çəkmiş olsunlar. Mənə elə gəlir ki, bu, çox məntiqi bir yanaşmadır. Ümumiyyətlə, mən istərdim ki, bu siyahını bir az da genişləndirək. “Dövlət qulluğu haqqında” Qanuna müvafiq dəyişikliklər edilməlidir. Mən bilmirəm, o qanunda bu var, yoxsa yoxdur, ümumiyyətlə, dövlət işində çalışmaq istəyən hər bir şəxs vətənə xidmət etməlidir. Bu bir nümunə olmalıdır.
Hətta mən istərdim, bir az da qabağa gedəm. Ola bilsin ki, bu bizim bəzi həmkarlarımızın o qədər də xoşuna gəlməsin. Hesab edirəm ki, seçkili orqanlarda çalışmaq istəyən şəxslər də hərbi xidməti keçməlidirlər. Hərbi xidmət hər bir şəxs üçün, ümumiyyətlə, dövlət qulluqçusu, dövləti təmsil edən şəxslər üçün bir prinsip olmalıdır. Hamı bu şərəfli işi ləyaqətlə yerinə yetirməlidir.
Həmkarlarım burada bir məsələyə toxundular, mən də onlarla şərikəm. Ən vacib məsələlərdən biri bu sahədə nizam-intizamı artırmaq, qayda-qanunu gücləndirmək və sərtləşdirməkdən ibarətdir. Bugünkü iclasda bizim hörmətli generallarımız iştirak edirlər. Yəqin ki, onlar da millət vəkillərinin təkliflərini, qayğılarını nəzərə alıb, buna müəyyən mənada aydınlıq gətirərlər. Mən hesab edirəm ki, bu dəyişikliklər dəstəklənməlidir, qəbul olunmalıdır. Həm də, sözsüz ki, Milli Məclisin, millət vəkillərinin orduya diqqəti və qayğısı artmalıdır. Eyni zamanda, nəzarət də lazımi səviyyədə olmalıdır və biz orduya əlimizdən gələn köməyi etməliyik. Bu gün millət vəkilləri belə bir nümunəni göstərməlidirlər ki, digər kateqoriyadan olan insanlar da bu işə eyni nöqteyi-nəzərdən yanaşa bilsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim! Hörmətli millət vəkilləri! Mən hiss eləyirəm ki, çıxışlar bu və ya başqa şəkildə təkrar olunur. Mən iki məsələyə aydınlıq gətirmək istəyirəm. Birincisi,cənab generallar mən yalan danışaramsa, əllərini qaldırsınlar, o dəqiqə çıxışımı kəsəcəm. Ordunun sayı əhalinin sayına görə hesablanmır. Bu, ordu qarşısında qoyulmuş məqsədlər çərçivəsində orada nə qədər diviziya, briqada və.s olmasına görə hesablanır. O tələbata uyğun olaraq çağırış elan olunur. Cənab general, düzgün deyirəm, ya yox?
Əgər Qarabağ məsələsi olmasa idi, bizə bu qədər ordu lazım olmazdı. Məhz buna görə bizə bu qədər, bəlkə də artıq sayda ordu lazımdır. Ona görə də ordunun sayı artırılmalıdır və digər məsələlər həll olunmalıdır. 18 yaşında gənc əsgərliyə getməlidir. Bu, işini 16-15 yaşında başlamalıdır ki, orduya çağırılana qədər 2-3 uşağı olsun.
İkinci variant. Universitetə qəbul olunandan sonra evlənir və bu müddətdə 2-3 uşağı olur. 2-3 uşaqlı ailəni saxlaya bilən bir tələbə fikirləşməlidir ki, əsgərliyə getməlidir. Biz nəyi müzakirə eləyirik? İkiyə salaq, üçə salaq. İki uşaqlı ailə ilə üç uşaqlı ailə arasında çəkilən əziyyətə görə fərq var? Həyatını planlaşdırsın. Üzr istəyirəm, əgər bu ağlı başında olan insandırsa, getsin, əsgərliyini çəksin, gəlsin, nə istəyir eləsin. Biz nəyi müzakirə eləyirik? İldə 4 dəfə çağırışın, bildiyimə görə, bir səbəbi var. İldə bir dəfə də çağırış eləmək olar. Onda birdən-birə bilikli, savadlı, təcrübəsi olan əsgərlərin yarısı gedir, təcrübəsizlər gəlir. Bu zaman ciddi bir vəziyyət yaranır. Avtomatın dalı ilə qabağını seçə bilməyən indi cəbhəyə getməlidir? Ona görə də ildə 4 dəfə çağırış müəyyənləşdirilib ki, kontingentin dəyişilməsi hissə-hissə həyata keçirilsin. Cənab general, düzmü deyirəm?
Yerdən. (Eşidilmir.)
V. Ələsgərov. Çox sağ olun.
Bir məsələyə də toxunmaq istəyirəm. Mən də razıyam ki, hamı mütləq əsgərliyə getməlidir. Ona görə də mənim təklifim nədən ibarətdir? Bu gün təklif edilən dəyişiklikləri yetərincə müzakirə elədik. Bunları qəbul eləyək. Ancaq mənim xahişim budur ki, gəlin, müvafiq komissiyaya tapşıraq ki, bu məsələlərlə əlaqədar qanunvericiliyə ciddi baxsın.
Şəxsən məni narahat edən məsələ nədir? Müvafiq dövlət qurumlarına tapşırılmalıdır ki, əsgərlikdən qayıdan gəncləri imkan daxilində birinci növbədə işlə təmin eləsinlər. Ən önəmlisi də budur ki, əsgərlikdən qayıdan şəxsi köhnə iş yerinə bərpa etməlidirlər. Özəl müəssisəsidir, yoxsa dövlət müəssisəsidir, fərqi yoxdur. Lap qeydiyyatdan keçən xarici şirkət olsun, onun işçisi əsgərlikdən qayıdıbsa, işlə təmin olunmalıdır. Gəlin, bu dəyişiklikləri qəbul eləyək, amma qaldırılan məsələləri müvafiq komissiya yenidən işləsin. Onlar hazır olanda müzakirə eləyərik, amma bunu indi səsə qoyaq, qəbul eləyək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Valeh müəllim. Hörmətli deputat həmkarlarım, fasiləyə 10 dəqiqə qalır. 5-6 adam çıxış eləyib, suallar, müəyyən təkliflər olub. İcazənizlə, mən onlara cavab verim, sonra qərar sizindir. Nə desəniz, elə də hərəkət eləyəcəyik. Deməli, mən çıxışlara çox diqqətlə qulaq asıram və bütün təklifləri, qeydləri yazıram. Amma inanın, məni bir şey həddindən artıq qayğılandırır və dəhşətə gətirir. Həmişə Dağlıq Qarabağ problemi ilə, ölkənin ərazi bütövlüyü ilə əlaqədar haray-həşir qoparan müxalifət, o cümlədən Cəmil Həsənli bir dəfə ağzını açıb demədilər ki, biz müharibə şəraitində yaşayırıq, ərazimizin 20 faizi işğal olunub. Hamı güzəşt tələb eləyir. Cəmil Həsənli, evlənmək hüququndan danışırsınız, bəs ölkəni kim qorumalıdır? Niyə bir dəfə də Dağlıq Qarabağdan danışmırsınız? Amma başqa vaxt 30 dəqiqə ərzində nələr danışmırsınız? Bəli, biz müəyyən güzəştləri götürürük, amma bunu xoş günümüzdən eləmirik. Bu, lazımdır, çünki ölkəmiz hələ müharibə aparır.
Konkret suallara keçirəm. Fazil müəllim məsələ qaldırdı ki, prokurorluq, ədliyyə, vergi, gömrük orqanlarında işləyən bütün şəxslər hərbi xidmət keçsinlər. Mən bu fikirlə prinsipcə razıyam, amma bir məsələni qeyd etmək istəyirəm ki, burada söhbət rütbə alan şəxslərdən gedir. Bu orqanlarda işləyən mülkü şəxslərdən, hərbi rütbə almayanlardan gedir. Əgər onlar da çağırış yaşına çatırlarsa, təbii ki, əsgəri xidmətə gedirlər, burada heç bir problem yoxdur.
Siyavuş müəllim ordunun peşəkarlığı ilə əlaqədar məsələ qaldırdı. Artıq bu istiqamətdə işlər gedir, yəqin ki, cənab general bu məsələyə münasibət bildirəcək. Biz NATO-ya inteqrasiya edən bir ölkəyik və əlbəttə ki, ordu tam peşəkar əsaslarla fəaliyyət göstərəcəkdir. Sonra, Siyavuş müəllim vaxt ilə əlaqədar məsələ qaldırdı. Mən bu fikirlə, əlbəttə, razılaşa bilmərəm. Əgər cənab Prezident İlham Əliyevin fərmanı verilibsə, çağırışçı 20 gün ərzində mütləq hərbi komissarlığa gəlməlidir. Çünki Prezidentin fərmanı bilirsiniz, qanunvericilik sisteminə daxil olan normativ hüquqi sənəddir və onun hüquqi nəticəsi var. Biz hüquqşünasıq, gərək bunu bilək.
Deyildi ki, xeyli əsgər çatışmır. Niyə çatışmır? Bizim hörmətli cənab Sədr bu suala cavab verdi, Cəmil müəllim. Heç bir dövlət bizim kimi 1989-cu ildən 1994-cü ilə qədər müharibə aparmayıb. Biz 25 minə qədər oğul itirmişik. Əgər Sizin yadınızdadırsa, itirdiklərimizdən başqa o vaxt ailə quranların sayı çox az olub. Müharibə getdiyinə görə bilirsiniz ki, xeyir işlər də az olurdu. Ona görə də bu gün - 2007- ci ildə 18, 19, 20 yaşında gənclər azdır, müəyyən çatışmazlıqlar var. Burada gizli bir şey yoxdur. Siz də başlamısınız ki, mühacirət belə gəldi, nə bilim, miqrasiya belə getdi.
Aspirantura və magistratura ilə bağlı məsələ qaldırıldı və qeyd olundu ki, aspiranturada çox cüzi sayda adamlar oxuyurlar, bunları niyə əsgərə aparırlar? Söhbət aspiranturadan, magistraturadan getmir. Söhbət prinsipdən gedir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsində bu norma təsbit olunubsa, elm adamları da, elmi olmayanlar da getməlidilər. Hər bir şəxs əsgəri xidməti keçməlidir. Mən də bilirəm ki, aspirantların sayı o qədər də çox deyil. Amma məqsəd ondan ibarətdir ki, aspiranturaya daxil olmaq istəyən şəxs bilsin ki, vətənə xidmət, vətən borcu nə deməkdir. Ondan sonra onların xeyli hissəsi gəlib elmlə, həm də hərbi elmlə məşğul olacaqlar. Ona görə hesab edirəm ki, bu məsələlər haqqında fikirləşib danışmaq lazımdır. Çox sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Hamı deyir ki, səsə qoyaq. Bəlkə sözümüzü də deyək? Valeh müəllim çox düz qeyd etdi, burada bəzi fikirlər təkrarlanır, amma müəyyən məsələlərə aydınlıq da gətirilməlidir. Çox sağ olsun, Valeh müəllim mənim demək istədiklərimi dedi. Çünki onun çıxışına qədər mənə elə gəlirdi ki, elə bil biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırlaşmırıq. Hər kəs güzəşt istəyir. Mənim başım çıxmır, onda torpaqları kim qorumalıdır? Yaxşı ki, Ziyafət müəllimin və Valeh müəllimin çıxışlarında bu suallara aydınlıq gətirildi. Müdafiə Nazirliyinin nümayəndələri burada olduğu üçün mən fürsətdən istifadə edib bir məsələyə toxunmaq istəyirəm. Valeh müəllim çox maraqlı fikir işlətdi ki, ildə 1 və 2 dəfə çağırış ziyanlıdır, ordunun yarısı dəyişəcək. Nəticədə əldə silah tuta bilməyənlər onları əvəz eləyəcək. Mən sovet dövründə orta məktəbi bitirmişəm. Mən avtomat silahı sökürdüm, yığırdım, təlimlərdə ondan istifadə edirdim. Minalarla rəftar edə bilirdim.
Mənim deputat seçildiyim rayonun Ermənistanla 73 kilometr sərhədi var. Burada 17 kənd və yaşayış məntəqəsi var. İnsanlar minalanmış çoxlu sahələrdən əziyyət çəkirlər. Burada yaşayan gənclər avtomat silahdan istifadə edə bilmirlər, hərbi dərslər çox pis vəziyyətdədir. Soruşuram, deyirlər ki, bizə heç bir vəsait verilmir. Nə silahlar var, nə də minalar - hamısı yığışdırılıb. Mən başa düşürəm, məktəblərdə ehtiyatsızlıq üzündən müəyyən hadisələr baş verir. Onda gəlin, hər bir rayonda mərkəz yaradaq, orada təhlükəsizlik tədbirlərini gücləndirək. Heç olmasa, məktəblilər ayda bir dəfə bura gəlsinlər, məcburi şəkildə silahdan istifadəni öyrənsinlər. Avtomat silahı görməyib orduya gedəndən nə əsgər olacaq? Müdafiə Nazirliyinin nümayəndələri buradadır, mən çox xahiş edirəm, biz bu məsələni ciddi şəkildə qoyaq.
Ali məktəblərdə hərbi dərslərin keyfiyyəti çox pis vəziyyətdədir. Mən hələ orta məktəbdən əsgər gedənlərdən danışmıram. Ali təhsillilərlə bağlı da eyni vəziyyətdir. Mən çox xahiş edirəm, biz bu məsələyə ciddi önəm verək. Biz deyirik ki, torpaqlarımızı azad edəcəyik. Bundan əlavə, sərhəd rayonlarımızda yaşayan əhalimiz də özünü qorumağı bacarmalıdır. Qadın da, uşaq da mina ilə necə rəftar olunduğunu bilməlidir. Ona görə də mən xahiş edirəm, biz bu məsələni bitirək, heç olmasa, hər rayonda bir mərkəz açaq. Hər bir məktəb ayda bir dəfə qrafiklə orada hərbi dərslərini keçsin. Getsinlər, bu məsələləri öyrənsinlər. Mən xahiş edirəm, bu məsələdə diqqətli olaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Belə görünür ki, biz tənəffüssüz işləyəcəyik. Yevda Abramov.
Y. Abramov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bilirəm, deputatlar bir az tələsirlər, ancaq mənim respublikada hərbi quruculuq işlərinə dair bir sıra arqumentlərim olduğu üçün çıxışa yazıldım. Ümumiyyətlə, mən populizmi sevən, radio və televiziyaya meyilli adam deyiləm və bu payız sessiyasında birinci dəfədir çıxış edirəm.
Hörmətli millət vəkilləri, mən təqdim edilmiş qanun layihəsinə səs verəcəyəm. Deputat həmkarım və siyasi məfkurə yoldaşım Siyavuş müəllimin irəli sürdüyü müddəalarla da razıyam və onları dəstəkləyirəm. Amma bununla yanaşı, mənim çağırışla və ümumiyyətlə, hərbi quruculuq məsələləri ilə əlaqədar təkliflərim, tövsiyələrim var. Hörmətli Oqtay müəllim, bizim ordumuz milli ordu adlanır. Salonda tarixçilər oturub. Mənim sevimli müəllimim Yaqub müəllim, Cəmil Həsənli, Nəsib müəllim buradadırlar. II Dünya müharibəsində milli ordu kimi yaranan bütün ordular sonralar öz adlarını dəyişdirdilər. Yəni bunlar qurtuluş ordusuna, xilaskar orduya çevrildilər. Yəni bizim orduya milli yarlıq vurulması onun qarşısında duran vəzifələri bir az kiçiltmək kimi başa düşülür.
Biz bilirik ki, ordu ölkənin daxili və xarici siyasətinin qarşısında duran vəzifələri, ölkənin təhlükəsizliyini, sərhədlərin qorunmasını üzərinə götürübsə, bu, xalqın ordusudur. Yəni buna bir xəlqılık məzmunu verilsə, daha uyğun olar. Bəzən mən zəng edib soruşurlar ki, Yevda müəllim, bu ordu yalınız azərbaycanlılara, yoxsa xristianlara, buddistlərə və başqalarına da aiddir? Mən deyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında yazılıb ki, hər bir azərbaycan vətəndaşı orduda xidmət etməlidir. Deyirlər ki, bəs niyə bu, milli ordu adlanır? Hörmətli Oqtay müəllim, komissiyanın iclasında da demişəm, mən özümü ən böyük azərbaycanlı hesab edirəm. Canımla, qanımla, iliyimlə mən azərbaycanlıyam və böyük Heydərçiyəm. Bir məsələ hamını maraqlandırır. Hər bir əsgər Qurani-Kərimin altından keçir. Mən Quranın əleyhinə deyiləm, onu öz dinim qədər sevirəm, çünki ali məktəblərdə keçdiyim İslam bütün fənlərin ən üstünü idi. Amma orduda qulluq edən Sidorov, İvanov və s. hansı dini kitabın altından keçməlidirlər? Hər üç dini kitabların altından keçməlidirlər, yoxsa ancaq Qurani-Kərimin? Əsgərlərin Qurani-Kərimin altından keçməsi onların əsgərlik müddətində törətdikləri hərəkətlərlə nə dərəcədə düz gəlir?
Digər deyəcəyim məsələ çağırış yaşı ilə bağlıdır. Bu gün bir sıra insanlar çağırışdan azad edilirlər. Ümumiyyətlə, hər bir kişi əsgərlik keçməlidir. Mən 70-ci illərin əvvəllərində sovet ordusuna könüllü gedən insanlardanam. Halbuki kənddə işləyən müəllimlərə güzəşt edirdilər. Mənim işlədiyim kəndin bütün ağsaqqalları hərbi komissarlığa gedib mənim saxlanmağımı xahiş etmək istəyirdilər. Amma mən getdim. Bu gün də hərbi komissarlıqda nələr törədilmir? Bu gün millətimizin çoxu, üzr istəyirəm, sidiyini saxlaya bilməyən diaqnozu ilə hərbi bilet gəzdirir. Bu gün hamı hərbi qulluqda olmalıdır.
Mən Siyavuş müəllimlə razıyam ki, bütün idarə və müəssisələrdə işləmək istəyən insanlar əsgərliyi keçməlidirlər. Oqtay müəllim, mən İsrailin, Amerika Birləşmiş Ştatlarının, Almaniyanın, İtaliya və Fransanın qanunvericiliyinə ötəri baxdım. Mən burada nəyi gördüm? Əsgərlik keçməsən, senator ola bilməzsən. Hərbi xidmətdə olmasan, spiker ola bilməzsən. Nazir əsgərlikdə olmasa, nazir ola bilməz. Türkiyədə də belədir, İsraildə də. Bunu Azərbaycana da şamil etmək lazımdır.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Burada cənab Abramov ordunun adından “milli” sözünün götürülməsi ilə bağlı maraqlı bir fikir səsləndirdi. İndi nə təklif edirsiniz? Biz bunun adını “qeyri-milli” ordu qoyaq? İcazə verin, sözümü deyim. Siz danışanda mən danışmadım. Bu cür yanaşma olmaz. Bu gün müzakirəmizə verilmiş dəyişikliklər dövlətin təhlükəsizliyi baxımından irəli gəlir. Hər bir ölkənin istiqlalının taleyi o ölkədə yaşayan gənclərin, insanların vətənpərvərlik ruhundan asılıdır. Gözümüzün qabağında Türkiyə sağdan, soldan, aşağıdan, yuxarıdan hücumlara məruz qalsa da, oradakı vətənpərvərlik tərbiyəsi, vətənpərvərlik hissi ölkəni xilas edir. Bizə təqdim edilmiş dəyişiklikləri mən vətənpərvərlik nöqteyi-nəzərindən müsbət adlandırıram.
Ümumiyyətlə, dövlətin marağı ilə bağlı olan ən sərt addımlara mən həmişə tərəfdar olmuşam və dövlətçilik məsələlərində mənim mövqeyim birmənalı olub. Burada ən diqqət çəkən məsələ odur ki, prokurorluq, vergi, gömrük və sairə orqanlarda hərbi xidmətdə olmayan insanların zabit kimi işləməsinin qarşısı alınır. Bu ən mütərəqqi işlərdən biridir. Ortada yeyib, kənarda gəzirlər. Bir çoxları psixi xəstə - müxtəlif adlarla 27 yaşına qədər uşağını qoruyur, 28 yaşında birdə gördün həmin şəxs bir rayonun prokuroru işləyir. Tamamilə doğru dəyişikliklərdir.
35 yaş məsələsi ilk dəfə burada qeyd olunanda buna qarşı çıxanlardan biri mən idim. Amma həyat sübut etdi ki, insanlar 35 yaşa qədər uşaqlarını küncdə-bucaqda gizlədə bilmirlər. 27 yaşa qədər qoruya bilirdilər. İndi 35 yaş uzun müddət olduğu üçün uşaqlara deyirlər ki, get, xidmət elə, gəl. Ona görə də burada deyilən təkliflərə qoşuluram, “Dövlət qulluğa haqqında” Qanuna da belə bir maddənin əlavə edilməsini təklif edirəm.
Puşkinin I Pyotr haqqında bir ifadəsi var: “toza və çirkaba batmış Rusiyanı tozun və çirkabın içərisindən çıxarıb dünya imperiyasına çevirdi”. I Pyotrun ən böyük islahatlarından biri hərbi sahə ilə bağlıdır. Zadəgan uşaqlarına riyaziyyatı bilmədən evlənməyi qadağan etmişdi. Mən demirəm ki, Azərbaycanda hərbi xidmətdə olmayanlara evlənməyi qadağan edək. Türkiyədə hərbi xidmətdə olmayanlara qız vermirlər. Mən burada verilən bütün dəyişiklikləri alqışlayıram. Bu, Azərbaycan dövlətinə, dövlətçiliyə xidmətdir. Bu, ayrı-ayrı fərdlərin mənafelərinə toxunsa da, ayrı-ayrı zümrələrin mənafelərinə uyğun gəlməsə də, ümumilikdə dövlətimizə xidmət edən dəyişikliklər olduğu üçün, hesab edirəm ki, qəbul etmək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən həmkarım Siyavuş Novruzovun fikirlərini müdafiə edirəm. Əslində onun dediyini müdafiə eləyənlərin çoxu bəzən onun arqumentlərinin əksinə fikir söyləyirdilər. Amma mən nəyi müdafiə etdiyimi bir azdan sonra deyəcəyəm. Doğrudan da, Qarabağ mövzusunda möhtəkirlik çoxdur. O pafos bu gün də özünü göstərməkdədir. Yeri gəlmişkən, qeyd eləyim ki, bu layihə birinci dəfə gələndə eyni arqumentlərlə onu müdafiə eləməyə çalışanlar var idi. İndi dəyişib, indi də dəyişiklikləri müdafiə edirlər. Bir həftə ərzində bunların mövqeyinin bu cür dəyişdiyinə təəccüb edirəm. Amma cənab Prezidentə təşəkkür edirəm, bu ölkədə hərbi quruculuq strategiyasının da, taktikasının da müəllifi məhz özüdür. Sayından asılı olmayaraq bütövlükdə Azərbaycanda ordu quruculuğunun modelini o özü bilir.
Biz bu gün iki sistemin arasındayıq. Biz ya sovet hərb modelləri əsasında bu ordunu saxlamalı, möhtəkirlik, əsgəri kölə yerinə qoymaq, tapdamaq, şəxsiyyətli olmağa qoymamaq siyasətini əsas götürməli, ya da əsgəri şəxsiyyət kimi yetişdirən bir modelə üstünlük verdiyimizi göstərmiş olacağıq. Ona görə də mən çox istərdim ki, belə bir suallara cavab verilsin. Azərbaycanda bir əsgərə nə qədər xərc çəkilir? Ordunun sayını 150 minə, 200 minə, hətta 500 minə də qaldırmaq olar. Çeçen təfəkkürü ilə insanın bütün saqqallılarının əlinə silah da vermək olar. Mən elə hesab eləmirəm ki, bu, Azərbaycan xalqını Qarabağa yaxınlaşdıracaq. Azərbaycanı Qarabağa yaxınlaşdıran NATO modeli olacaq. Bu gün iki sistem arasında döyüş gedir. Rus canişinlərinin maraqlarını müdafiə eləyənlər köhnə sistemin yaşamasını istəyirlər və bu islahat onlara çox mane olur. Onlar deyirlər ki, rusların məktəbinə qarşı döyüşə bilməyəcəklər. Ona görə də Qarabağ məsələsi elə bu vəziyyətdə qalacaq.
İkinci sistem NATO modelidir. Onu cənab Prezident imzalayıb. Hərbi əməkdaşlıq proqramına baxsanız mənim qeyd elədiyim modelləri görəcəksiniz. Mən bəzi statistikaları qeyd eləmək istəyirəm. Azərbaycan xalqının həyatında demoqrafik cəhətdən problem olmadığını bilirsiniz. Amma o illərdə müharibənin gedişatına görə psixoloji durumdan və sair səbəbdən ailə artımı baş verməyib. Mən bir rayonun timsalında o statistikanı sizə təqdim edə bilərəm. Bərdədə 2006-cı ildə 1906 nəfər məzun olub. 2007-ci ildə bu rəqəm 2062, 2008-ci ildə 2122 olacaq. Azərbaycan xalqının hətta o illərdə də sayı azalmayıb. Ona görə bu saydan öz məqsədləri üçün istifadə edənlərə qarşıyam.
Hörmətli Valeh müəllim qeyd elədi ki, kimlərsə kimlərəsə güzəşt tətbiq eləmək üçün dəridən, qabıqdan çıxır. Qətiyyən belə mövqe yoxdur. Əziz dostlar, biz verdiyimiz qanunla bu, həyatını qurub, 3 övladı var. Hətta 3-cü övladı bəlkə hərbi xidmətdən yayınmaq üçün törədib. Mən bunu anlayıram. Amma bu bizim qəbul etdiyimiz qanunla olub. Qanunun geriyə qüvvəsi yoxdur. Kim 3 uşaqla bağlı ayrı mövqedədir? Bəli, qəbul edək. Üç uşaqlıları da, dörd uşaqlıları da göndərək, getsinlər. Amma qanun gələcəyə yönəli olmalıdır və vətəndaş 18...
Sədrlik edən. Hörmətli Zahid müəllim, qanuna bir az diqqətlə baxın, üç uşaqlıları əsgər aparmırlar.
Z. Orucov. Mən Valeh müəllimin fikrinə cavab olaraq bunu deyirəm. Hörmətli Valeh müəllim, qeyd eləmək istəyirəm ki, vətəndaş artıq 18 yaşında həm ali məktəbə daxil olursa, həm də ailə qurarsa, o, artıq sizin dediyiniz kimi, həyatını Qərb modelindəki kimi planlaşdıracaq. Artıq o, övlad doğub-törətmək haqqında fikirlərlə qapılmayacaq. Siz deyən kimi, əsgərlikdən qayıdandan sonra bu barədə fikirləşəcək. Ona görə mən bu məsələ üzərində heç bir möhtəkirliyə varmadan bu mövqedə olmaq istəyirəm.
Burada kvota məsələsi barədə fikirlər səsləndi. Hörmətli Valeh müəllim, 8 milyonluq əhali olduğumuz üçün biz 80 min orduya malik ola bilərik. Amma dediyiniz kimi, ölkə başçısı, Ali Baş Komandan ordu strategiyasını nə əsasla qurusa, o cür də formalaşdıra bilər. NATO-nun proqramlarına əsasən 400 nəfərin işini 25 nəfər görəcək. Onda artıq yeyintilər də olmayacaq. Şəffaflıq yaranacaq. Ona görə də mən bu modelin tərəfdarıyam. Mən bu qanuna ona görə səs verəcəyəm ki, orada cənab Prezidentin imzası var. Amma mən istəyirəm, o imzaya hamı hörmət eləsin. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, bizim ordumuz hansı istiqamətdə inkişaf edir? NATO istiqamətində, eləmi? Onda nə sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz hər şeyə bir cavab verməlisiniz? Bura debat yeri deyil. Çıxış etmək üçün təkid eləyən var? Xahiş edirəm, təkrarçılıq olmasın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sizdən qabaq çıxışa yazılan millət vəkilləri var. Mən bu sualı onlara verdim. Pənah Hüseyn əlini qaldırıb. Sonra deyəcək ki, müxalifəti sıxışdırırlar, söz vermirlər. 4 nəfər yazılan var. Onlar çıxış üçün təkid edirlərmi? Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan məsələni çox aktual hesab edirəm, tezis formasında bəzi məqamlara toxunmaq istəyirəm. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Bu problemi şərəflə həll eləmək Azərbaycanın hər bir vətəndaşının qarşısında duran çox vacib bir məsələdir. Azərbaycanda ordu quruculuğunun təkmilləşdirilməsi, bu sahədə ciddi islahatların həyata keçirilməsi çox vacibdir. Bu baxımdan Azərbaycanda nümunəvi əsgərin formalaşdırılması və ərazi bütövlüyümüzün təmin olunmasında onun rolunun artırılması mühüm rol oynayır.
Beynəlxalq təşkilatların strukturlarında fəaliyyət göstərən Azərbaycan əsgəri nümunəvi fəaliyyət göstərə bilir. Elə şərait yaratmaq lazımdır ki, məhz Azərbaycanın özündə də bu mexanizm formalaşsın. Beləliklə də biz qarşımızda duran ərazi bütövlüyümüzün təmin edilməsi məsələsini xeyli sürətləndirə bilərik. Bu nöqteyi-nəzərdən hərbi sahədə islahatların, hərbi quruculuq prosesinin sürətləndirilməsinə və bu məsələyə konseptual yanaşmaqla qanunvericilik sahəsində kompleks tədbirlərin həyata keçirilməsi üçün komissiyanın yaradılmasına böyük ehtiyac var.
Mən bir məsələni də xüsusi qeyd eləmək istəyirəm. Oqtay müəllim, burada iki övladı olan, həyat yoldaşı da ikinci qrup əlil olan insanlar barəsində danışıldı. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Bu, bir tərəfdən, həyat yoldaşı ikinci qrup əlil, digər tərəfdən, iki azyaşlı uşağı olan ailəni çıxılmaz vəziyyətdə qoyur. Azərbaycanda belə insanların sayı yüzlərlə olar. Bəlkə də çox azdır. Bu adamlara güzəşt edilməlidir. Ya bu başdan güzəşt olmalıdır, ya da həmin ailə yaşayış minimumu səviyyəsində təmin olunmalıdır.
Digər bir məsələ barədə də danışmaq istərdim. Bizə zənglər oldu və əlillərlə bağlı məsələlər qaldırıldı. Bir nəfər qeyd edir ki, mən yüz min manat müavinət alıram və mənim himayədarım əsgər gedəndə vəziyyətim necə olacaq? Eyni sözü burada da təkrar eləmək istəyirəm, əgər himayədarlar əsgərə göndərilirsə, onda himayədə olan insanlara, heç olmasa, yaşayış minimumu səviyyəsində maddi dəstək olmalıdır.
Xüsusi olaraq qeyd eləmək istəyirəm ki, orta və ali məktəblərdə hərbi məsələlərlə bağlı problemlərin aradan qaldırılması işi sürətləndirilməlidir. Niyə ali məktəblərdə hərbi kafedralar bağlanılıb? Bu əsgərliyə gedəcək gənclərin əvvəlcədən yüksək səviyyədə hazırlanması və orada əlavə vaxt itirməməsi üçün həddən artıq vacib məsələdir. Bu məsələnin də üzərində dayanmaq lazımdır. Magistrlərin və aspirantların cəmi heç 5 min nəfər eləmir. Onların təhsil alması da, orduda xidmət eləməsi də balanslaşdırılmalıdır.
Burada incə bir məqam var. Kim bakalavr, magistr, aspirant kimi öz təhsilini davam etdirmək istəyirsə, arada olan məsafə elə qurulmalıdır ki, ona əlaqədar təşkilatlar maneçilik törədə bilməsinlər. O əgər daxil ola bilməsə, ondan sonrakı proseslər qəbul olunmuş ümumi qaydada getməlidir. Bütün bunlara əsaslanaraq qeyd eləmək istəyirəm ki, qəbul olunan qərarlar mühüm əhəmiyyət kəsb eləyir. Azərbaycanda ordu quruculuğu gücləndirilməlidir, bu islahatlar davam etdirilməlidir. Qanunvericilikdə mükəmməl dəyişikliklərin edilməsinə ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Hacıyev.
S. Hacıyev. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Vaxtınızı çox almayacağam, qısa danışacağam. Təbii ki, bu qanunun müsbət cəhətlərindən burada çox danışıldı. Lazımi dəyişikliklər təklif olunub. Amma burada söhbət daha çox prinsiplərdən getdi. Ümumiyyətlə, prinsiplərdən söhbət gedirsə, onda bir sual ortaya çıxır. Əgər tək ana ikinci qrup əlildirsə, nəyə görə biz onun övladını əsgərliyə aparmalıyıq? O nə eləməlidir ki, birinci qrup əlil olsun. Söhbət tək analardan və bir övladdan gedir. Ümumiyyətlə, dünya təcrübəsində əgər ananın cəmi bir övladı varsa, onu orduya aparmırlar. Biz mövcud vəziyyətdə əgər o, ikinci qrup əlildirsə, aparmırdıq. Amma indi ana gərək nəsə eləsin ki, onun övladı əsgərliyə getməsin. Bu prinsiplə gedilirsə, biz onda ya ananın əlilliyini nəzərə almayaq, ya da əgər tək ananın bir övladı varsa və o əlildirsə, onun övladına bu möhlət verilməlidir. Həmin prinsipləri təhsil haqqında da demək olar. Belə çıxır ki, tibb universitetində təhsil birpilləli olduğu üçün orada oxuyan tələbələr möhlət verilir ki, 6 il oxusunlar. Amma başqa sahələrdə ikipilləli olduğuna görə, təbii, bakalavrdan sonra magistraturaya daxil olurlar. Ümumiyyətlə, biz öncədən vətənə xidmət eləməlidir prinsipini götürürüksə, onda mən təklif edərdim ki, heç bir möhlət verilməsin, vətəndaş 18 yaşına çatanda mütləq əsgərliyə çağırılsın. Deməli, o oxumağı dayandırır, gedir əsgərliyini edir və ondan sonra təhsili davam etdirir. Prinsip ondan ibarətdir ki, insan mütləq orduda xidmət eləməlidir. Onda ortaya məsələ də çıxmır ki, bunun 2 və yaxud 3 uşağı olacaq və sairə. Əgər təhsil üçün belə bir möhlət verilməməlidirsə, onda buna elə əvvəldən başlamaq lazımdır. Amma hansısa bir sahəyə güzəşt edib, başqa bir sahəyə güşəşt etməmək düzgün deyil.
Bir də, bir məsələ var. Əgər qanuna dəyişiklik edilirsə və o dərc olunan kimi qüvvəyə minəcəksə, bu gün Azərbaycanda və xaricdə aspiranturada və magistraturada oxuyan tələbələrin taleyi necə olacaq? Bu öz əksini burada tapmalıdır. Söhbət o anlayışdan getmir, söhbət ondan gedir ki, bundan sonra onlar ikinci kursa keçəcəklərmi, yaxud onların magistraturada oxumaqlarını dayandıracaqlarmı? Buna aydınlıq gətirmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun, cənab Sədr. Mən vaxtınızı çox almayacağam. Mən bu qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Birinci növbədə onu söyləmək istəyirəm ki, qeyrətli Azərbaycan vətəndaşının hər biri əsgərlik xidmətində olmalıdır. Hər bir kəs əsgərlik xidməti dövründə bərkdən-boşdan çıxmalıdır ki, vətəninə layiqincə xidmət eləmiş olsun.
İkinci, bu gün magistraturada oxuyan tələbələrin aqibəti və himayəsində baba və nənəsi olan uşaqların taleyi necə olacaq?
Sonra təklif edərdim ki, çıxışlar dayandırılsın və bu qanuna səs verilsin. Bu gün hamımız vətənpərvərlikdən danışırıqsa, bu qanunu bu qədər müzakirə eləməyə dəyməz, ona görə ki, vətənimiz müharibə ərəfəsindədir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə Pənah bəyin, nə də digərlərinin siyahıda adı yoxdur. 16 nəfər millət vəkili çıxış edib, 30 nəfərin də işığı yanır. Fikirlərin də əksəriyyəti təkrarlanır.
Millət vəkillərinin yarısı deyir ki, səsə qoyaq, yarısı da deyir danışaq. İki təklif var. Səsə qoyaq. Kim müzakirənin davam etdirilməsinə tərəfdardırsa, xahiş edirəm, münasibətini bildirsin.
Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 14
Əleyhinə 41
Bitərəf 4
Səs verməd 3
İştirak edir 62
Nəticə: qəbul edilmədi
Deməli, birincisi, bu prosedurdur. Bilirsiniz ki, bizdə yetərsay 83 nəfərdir. Ancaq indi səsvermə proseduru adi qayda ilə gedir. Daxili Nizamnaməyə əsasən prosedur məsələləri ilə əlaqədar protokol qaydasında qərarlar deputatların sadə səs çoxluğu ilə qəbul edilir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, Sizdən qabaq 20 nəfər var. İkinci təklifi səsə qoyuram. Kim müzakirənin kəsilməsinə tərəfdardırsa, xahiş edirəm, münasibətini bildirsin.
Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 71
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 1
İştirak edir 77
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, müdafiə nazirinin müavini fikirlərini bildirsin.
Ç. Məmmədov, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən çalışacağam ki, burada səslənən suallara cavab verim. “Çağırışın 20-ci günündə gəlməlidirlər” məsələsinə aydınlıq gətirirəm. Hamıya çağırış vərəqəsi veriləcək və orada tarix də göstəriləcəkdir. Söhbət ondan gedir ki, 20-ci günə qədər hamı gəlməlidir. Əvvəlki mətndə yazılmışdı ki, “çağırış vərəqəsi veriləndən sonra”. Bundan sui-istifadə edərək deyirdilər ki, mən çağırış vərəqəsi almamışam, xəbərim yoxdur, ona görə də gəlməmişəm. İndi bunu qəbul etsəniz, bu iş düzələr.
Sonra, uşaqların sayı barədə, ümumiyyətlə, qanun layihəsində heç bir söz yoxdur. Ziyafət müəllim dedi, bu məsələni bu şəkildə qaldırmaq yersizdir. Bir çox millət vəkilləri bu suallara gözəl cavab verdilər. Əgər kimsə qız sahibidirsə, oğlan tərəfi elçiliyə gələndə soruşa bilər ki, oğlun əsgərlikdə olubmu? Belə olarsa, artıq say problem yaranmayacaq. Ona görə ki, əsgərlik keçməyən oğlana qız verməyəcəklər.
Təhsilə görə möhlət məsələsinə də toxunmaq istərdim. Layihədə yazılır ki, möhlət bir dəfə verilir. Söhbət ondan getmir ki, ardıcıllıq pozulacaq, söhbət ondan gedir ki, möhlət bir dəfə veriləcək. Ali təhsilin bir neçə pilləsi var və birinci pillədə möhlət verilir. Mənə elə gəlir ki, hər şey aydındır. Əlavə eləmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin və sizin qayğınızın nəticəsində bizim silahlı qüvvələr müasir silah və kompüterləşdirilmiş texnika ilə təmin olunub. İndi bizə bilikli gənclər lazımdır. Ali təhsillilərin orduya gəlməsi işimizi daha da asanlaşdırar və silahlı qüvvələrin döyüş qabiliyyətini daha da artırar.
Burada yenə də ildə çağırışı 4 dəfədən 2 dəfəyə, 35 yaşı 27 yaşa endirməklə bağlı suallar təkrarlandı. Bizdə eyni vaxtda hərbi hissədə 6 çağırışdan olan gənclər xidmət edir. Əgər biz onu iki dəfəyə salsaq, 3 çağırışdan olan gənclər bir hərbi hissədə xidmət eləyəcəklər. 4 dəfə çağırış varsa, ehtiyata gedəndə altıda bir hissəsi gedir. Əgər iki dəfə çağırış olarsa, üçdə biri gedəcək. Valeh müəllim bu barədə gözəl dedi, döyüş qabiliyyəti itirir. Burada başqa dövlətləri misal gətirdilər. Bir çox dövlətlərdə ildə 4 dəfə, bəzilərində isə hətta 6 dəfə çağırış var. Türkiyədə ümumi şəkildə 4 dəfədir. Türkiyədə 70 milyon əhali var. Onların ordusu 10-20 milyonluq deyil ki, hamısını çağırsınlar.
Sonra, bizdə birinci dərəcəli çağırış yaş həddi 35-dir. Yəni əgər Milli Məclis tərəfindən səfərbərlik barədə qərar qəbul edilərsə, ilk növbədə 35 yaşınadək çağırışçılar çağırılırlar. Bu, birinci çağırış ehtiyatıdır. Ona görə bizdə 35 yaşına qədər hamı əsgəri xidməti keçməlidir. Bu məsələdə yenə Türkiyəni misal gətirirlər. Türkiyədə, ümumiyyətlə, yaş həddi yoxdur. Əgər xidmət eləməmisənsə, lap ölən gününə qədər səni hərbi xidmətə çağırırlar. Mən Türkiyədə 50-55 yaşlı əsgərlər görmüşəm. Ordunun sayı barədə danışıldı. Mən bu barədə məlumat verməyəcəyəm. Söhbət dövlət sirrindən deyil, əhalinin və ordunun sayından gedir. Millət vəkili Zahid Oruc hərbi əməkdaşlıq proqramı haqqında düz dedi. Biz NATO-ya doğru gedirik və bizim cənab Prezidentimiz NATO-ya təqdimat sənədini verib. Bizdə professionallaşma gedir və bugünkü gündə bizdə çağırış qarışıq sistemdədir. Bizdə könüllü surətdə orduda xidmət etmək var, bunlar müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Biz NATO-ya doğru gedirik və orduda da professionallaşma gedir.
Qənirə xanımın hərbi dərslərlə bağlı sualı oldu. Əgər Təhsil Nazirliyi bizə müraciət etsə ki, onlara təlim silahı və ya texnika lazımdır, biz onları verə bilərik. Amma orta məktəbdə hərbi təhsil onların vəzifə borcudur. Biz yalnız ehtiyatda olan ali təhsilli zabitlərlə, texnika və silahla kömək eləyə bilərik.
Sonra, burada ordunun adı ilə bağlı maraqlı bir sual səsləndi. Ordunun adı “milli” deyil, ordu millidir. Ordunun adı bizim Konstitusiyada belə yazılıb: Azərbaycan Respublikasının Silahlı Qüvvələri. Nə üçün bu adı başqa cür səsləndirdilər, mən başa düşə bilmədim.
Bir də, burada deyilir ki, Qurani-Kərimin altından keçirlər. Milli Məclisin təsdiq etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi var. Onun əlavəsində hərbi andiçmə məsələləri yazılıb. Orada belə məsələlər yoxdur. Ola bilsin, 1992-ci ildə döyüşə gedəndə molla gəlib, əsgərlər Qurani-Kərimin altından keçiblər. Amma belə məsələ nizamnamədə yoxdur və həm də bu, hüquqi cəhətdən düz deyil. Çünki Azərbaycan ordusunda Azərbaycan vətəndaşları xidmət keçirlər. Xahiş edirəm, qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən müzakirədə fəal iştirak elədiyinizə görə hamınıza minnətdarlığımı bildirirəm. Bayaq sualların bir qisminə cavab verdim, cənab general da bəzilərinə aydınlıq gətirdi. Sabir müəllim və Nizami müəllim hazırda magistraturada və aspiranturada oxuyanların taleyi ilə bağlı sual verdilər. Onlar təhsillərini bitirənə qədər əsgərliyə getməyəcəklər. Bu məsələyə komissiyada da baxıldı. Qanunvericilik bu məsələdə birmənalıdır, onlar təhsillərini bitirəndən sonra əsgərliyə gedəcəklər. Bəli, Konstitusiyanın 149-cu maddəsinə əsasən vətəndaşlarımızın vəziyyətini ağırlaşdıran hallarda qanunun geriyə qüvvəsi şamil edilmir. Heç bir narahatçılığa əsas yoxdur, burada yalnız qanun qüvvəyə minəndən sonra əmələ gələn münasibətlərin tənzimlənməsindən söhbət gedir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə 83
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən məlumat vermək istəyirəm ki, Bağ təsərrüfatı haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində çıxış edən Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərov, deputatlardan Eldar Quliyev, Elton Məmmədov, Vidadi Məmmədov, Tahir Süleymanov, Növruzəli Aslanov, Gülhüseyn Əhmədov, Fərrux Zeynalov, Mirkazım Kazımov, Fərhad Qəribov, Baba Tağıyev, Sevindik Hətəmov, İkram İsrfafilov, Vasif Əliyev, Mübariz Qurbanlı, Məjlum Şükürov, Qənirə Paşayeva, Əli Məsimli, Fəzail Ağamalı bu qanunun vacibliyini qeyd edərək onun şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkilində, insanların sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayacağını, bağ təsərrüfatı sistemində mövcud olan nöqsanları aradan qaldıracağını, bağ təsərrüfatlarının intensiv inkişafına təkan verəcəyini vurğulamışlar. Bununla yanaşı, deputat həmkarlarım layihə ilə bağlı öz irad və təkliflərini də bildirmiş və səmərəli tövsiyələr vermişlər.
Hörmətli deputat həmkarlarımın söylədikləri iradlar, rəy və təkliflər Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyaları və işçi qrupu ilə birlikdə bir daha diqqətlə araşdırılmışdır. Layihənin 7 maddəsinə 10 yeni bənd əlavə edilmiş, 22 maddədə 80-dən çox əlavə və dəyişikliklər olmuşdur. Bundan başqa, layihənin strukturunda xeyli dəyişikliklər edilmiş, bəzi maddələrin yerləri dəyişdirilmiş, bir fəsil tamamilə ləğv edilmiş, bir çox maddələrdə redaksiya xarakterli düzəlişlər aparılmışdır.
Hörmətli deputat həmkarlarımdan Məjlum Şükürov, Elton Məmmədov, Əli Məsimli, Fərhad Qəribov qanun layihəsində ekoloji blokun zəif əks edildiyini, onun təkmilləşdirilməsinə və genişləndirilməsinə ehtiyac olduğunu qeyd etmişlər və göstərmişlər ki, yüzlərlə bağ sahəsi baxımsızlıq üzündən baytarlıq və fitosanitariya baxımından yoluxucu xəstəliklərin mənbəyinə çevrilir. Deyilənləri nəzərə alaraq qanun layihəsinin müvafiq maddəsində əlavə və dəyişikliklər aparılmışdır. Belə ki, 5.3.3-cü maddədə bağ təsərrüfatı yaradılması məqsədilə fiziki şəxslərin istifadəsinə verilmiş, lakin dalbadal iki il ərzində üzürlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədiyinə görə istifadə hüququna xitam verilən şəhərətrafı asudə torpaq sahələri yeni bağ təsərrüfatı yaradılması üçün verilir.
14.0.6 və 17.2.8-ci maddələrdə də göstərilir ki, icarəyə verilmiş bağ sahəsində iki il müddətində icarəçi tərəfindən istirahətin təşkili üçün heç bir abadlıq və ya digər işlər aparılmadıqda və sahə boş, istifadəsiz qaldıqda bağ sahələri üzərində icarə hüququna xitam verilir və həmin sahənin bağ ehtiyat fonduna keçirilməsi nəzərdə tutulur. 17.2.14-cü maddədə dövlətin səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına təsərrüfat fəaliyyəti və ya təbii proseslər nəticəsində ətraf mühitə, insanlara, bitki və heyvanlar aləminə zərərli təsir göstərə bilən bağ torpaqlarının istifadəsinə ekoloji tələblər qoyulması bir vəzifə olaraq tapşırılır. Maddə 18.0.6-da bələdiyyələrə öz ərazilərində yuxarıda qeyd edilənlərlə yanaşı, xüsusi mülkiyyətdə olan bağ sahələrində qonşu torpaqlara zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək hüququ verilir.
Maddə 21.1.9-da bağ istifadəçilərindən bağ sahəsində aqrokimyəvi, meliorativ, fitosanıtar, eroziyaya qarşı mübarizə və digər aqrotexniki tələblərə rəiyyət etməklə torpaqların münbitliyini təmin etmək və ekoloji tarazlığı qorumaq tələb olunur. 21.2.3-cü maddədə birmənalı şəkildə bağ sahəsində mal-qara və quşlar saxlamaq, istixanalar quraşdırmaq, istehsal və emal obyektləri yaratmaq, bağ təsərrüfatından əmtəəlik məhsul əldə edilməsi məqsədilə istifadə etmək, həmçinin tullantı sularını dənizə, çaya, göllərə, yaşayış məntəqələrinə, əkin sahələrinə, ətraf mühitin mühafizəsi və sanitar-gigiyena obyektlərinə axıtmaq qadağan edilir.
Mən hörmətli deputat həmkarlarım Mübariz Qurbanlıya, Qənirə Paşayevaya qanun layihəsinin vacibliyi və lazımlığı barədə dedikləri fikirlərə görə təşəkkür edirəm. Onlar soruşurdular ki, bağ sahələrini fiziki şəxslərə verilməsində növbəlilik məsələsi necə və harada həll olunacaq? Bu məsələ 8.1-ci maddədə öz əksini tapmışdır. Burada göstərilir ki, bağ sahəsinin fiziki şəxslərə verilməsi qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının struktur bölməsində və bələdiyyələrdə təşkil edilmiş növbəlilik əsasında həyata keçirilir. Onlar imtiyazlı əsaslarla bağ sahəsi ilə ilk növbədə təmin olanların növbəli siyahısında müvafiq dəyişiklik etməyi məsləhət görmüşlər. Nəzərinizə çatdırıram ki, imtiyazlı əsaslarla bağ sahəsi ilə ilk növbədə təmin olunanların siyahısı bir qədər dəqiqləşdirilib. Belə ki, Milli Məclisin deputatları həmin siyahıdan çıxarılıb və 8.5.3-cü maddə yeni redaksiyada verilib. Yəni şəhid ailələri ilə yanaşı, döyüş bölgəsində atəşkəsin pozulması nəticəsində həlak olan hərbi qulluqçuların ailələri də bağ sahəsi ilə ilk növbədə təmin olunacaqlar. Qanun layihəsində Əfqanıstan müharibəsində və digər yerlərdə hərbi borcunu yerinə yetirən əlillərin və veteranların adları ona görə çəkilmir ki, onların hamısı müvafiq qanunvericiliklə I və II qrup əlillər və müharibə veteranları təsnifatına aid edilirlər. Ona görə də bu siyahıda onların adı ayrıca qeyd edilmir.
Deputat həmkarlarım Fərhad Qəribov, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Əli Məsimlinin bağ üçün ayrılmasına yol verilməyən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu zolağının konkretləşdirilib bir rəqəmlə göstərilməsi təklifini qəbul edə bilmirik. Çünki Xəzər dənizinin sahil boyu 80-130 metrlik torpaq zolağı ərazinin coğrafi quruluşu ilə əlaqədardır və bağ təsərrüfatının yaradılması üçün istifadə edilməyən dövlət mülkiyyətində olan torpaqlardır. Bu məsələ artıq Torpaq Məcəlləsində təsbit olunub, onu dəyişdirib başqa bir rəqəmlə əvəz etmək olmaz. Həmin ərazilərdə bağ təsərrüfatının yaradılmasına icazə verilmir.
Hörmətli deputatlarla razılaşırıq ki, bağ evləri ilə bağlı xüsusi norma və qaydalar olmalıdır. Elə ona görə də layihənin 21.2.3-cü maddəsində yazılıbdır ki, bağ istifadəçilərinə bağ evlərini tikintisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi norma və qaydalardan kənara çıxmaq qadağandır.
Hörmətli deputat həmkarım Mübariz Qurbanlının Bakı şəhərinin ətrafında olan torpaqların invertarlaşdırılmasının aparılması təklifini nəzərə alıb layihənin 17.2.11-ci maddəsində dəyişikliklər və əlavələr edilmişdir. Burada müvafiq icra hakimiyyəti orqanına bir vəzifə olaraq tapşırılır ki, istifadəyə verilmiş və hazırda özəlləşdirilməmiş bağ sahələrinin inventarlaşdırılmasını bu qanun qüvvəyə mindikdən sonra bir il müddətində həyata keçirsin.
Deputat həmkarım Qənirə Paşayevanın “bağ istifadəçisi mülkiyyətinə və icarəsinə eyni ərazidə bir dəfə bağ aldısa, kifayət edər” təklifi nəzərə alınıb. Qanun layihəsinin 8.8-ci bəndində qeyd edilir ki, eyni ərazilərdə bağ istifadəçisinin mülkiyyətinə və icarəsinə iki və daha çox bağ sahəsi verilmir.
Hörmətli deputat həmkarım Əli Məsimli bağ təsərrüfatına dövlət və bələdiyyə mülkiyyətində nə qədər fond ayrılması məsələsini, bağ təsərrüfatı ilə bağlı statistikanın təkmilləşdirilməsini və bu barədə məlumatların rəsmi statistikaya salınmasını məsləhət görmüşdür. Qanun layihəsinin birinci oxunuşunda qeyd etmişdim ki, Bakı şəhəri istisna olmaqla ölkədə olan bağ təsərrüfatının sayı və onların torpaq sahəsi barədə dəqiq məlumat yoxdur. Torpaq islahatı keçirilənə qədər bütün bağ təsərrüfatları dövlət mülkiyyətində olan torpaqlarda yaradılmışdır. Torpaq islahatından sonra bağ ərazilərinin bir hissəsi dövlət mülkiyyətində saxlanılmış, bir hissəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. 2001-ci ilin yanvarın 1-dək vətəndaşların qanuni istifadəsindəki bağların altında olan torpaqlar isə əvəzsiz olaraq özəlləşdirilmək hüququ ilə xüsusi mülkiyyətə verilmişdir. Ancaq bu günə kimi respublikanın torpaq balansında bağ torpaqları göstəricisi əks olunmur. Bunu nəzərə alaraq layihənin 11-ci maddəsinə aşağıdakı məzmunda yeni 5-ci bənd əlavə edilmişdir: “Bağ torpaq sahəsinin əks olunduğu torpaq balansı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ildə bir dəfə təsdiq edilir və statistik hesabat formasında nəşr olunur”.
Deputat həmkarım Əli Məsimlinin “2001-ci ildən sonrakı bağların özəlləşdirilməsinə niyə belə məhdudiyyət qoyulur” sualına cavab olaraq bildirirəm ki, torpaq qanunvericiliyi dövlət torpaqlarının özəlləşdirilməsinə imkan vermir. Ona görə də qanun layihəsinin 10.2-ci maddəsində göstərildiyi kimi, 2001-ci il yanvarın 1-dən sonra dövlət mülkiyyətində olan torpaqlarda bağ təsərrüfatı yalnız icarə hüququ əsasında yaradılır və bu bağ sahəsinin özəlləşdirilməsi qanunla müəyyən edilir.
Hörmətli deputat Əli Məsimlinin dövlət və ictimai ehtiyaclar üçün bağ sahəsinin bağ istifadəçilərindən geri alınmasına dair olan iradını nəzərə alıb müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrinə “dövlət və ictimai ehtiyaclar üçün bağ sahələrini bağ istifadəçilərindən geri alınması zəruriyyəti yarandığı hallarda torpağın geri alınmasını müvafiq qanunvericiliyə uyğun həyata keçirmək” bəndi əlavə edilmişdir.
Hörmətli deputat həmkarım Fəzail Ağamalı keçən dəfə qeyd etdi ki, qanun layihəsinin məqsədi Abşeron yarımadasında çəpərləmə əməliyyatı aparanlara və torpaq sahələrini zəbt edənlərə hüquqi baza yaratmaqdır. Hörmətli Fəzail müəllim, əksinə, bu qanun çəpərləmə və zəbtetmə əməliyyatlarının aradan qaldırılmasına xidmətdir. Burada vəzifəli şəxslərin hüquq və vəzifələri, məsuliyyəti öz əksini tapmışdır.
Hörmətli həmkarlarım Eldar Quliyev, Ərəstun Cavadov, Tahir Süleymanov, Vidadi Məmmədov, Novruzəli Aslanov, Fərrux Zeynalov, Mirkazım Kazımov, Gülhüseyn Əhmədov və adlarını çəkə bilmədiyim digər deputatların təklifləri nəzərə alınaraq layihənin 1.0.4, 4.2, 5.7, 7.4, 10.6, 11.5, 12.2, 17.2.14, 21.1.9 və digər maddələrində müvafiq dəyişikliklər edilmişdir.
Bunu da qeyd etmək istəyirəm ki, qanun layihəsinin Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının birgə iclasında müzakirəsi zamanı deputat həmkarlarım və dəvət olunan mütəxəssislər tərəfindən ən geniş müzakirə olunan məsələ 12-ci maddə - “Bağ sahəsi üzərində hüquqların özgəninkiləşdirilməsi” olmuşdur. Həmin bəndlərin bu redaksiyada verilməsinin iki əsas səbəbi var. Birincisi, bürokratik əngəllər, ikincisi, əlavə xərclər və nəticədə əhalinin haqlı narazılığı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanunu istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, müəyyən obyektiv və subyektiv səbəblərə görə bu günə kimi bağ istifadəçilərinə verilmiş əvəzsiz özəlləşdirmə hüququndan onların çox az bir hissəsi, cəmi 5-6 faizi istifadə etmişdir. Bağ istifadəçiləri əvvəlcə bağ sahəsini özəlləşdirməli, sonra onu natoriat qaydasında bağışlama və ya alğı-satqı yolu ilə ailə üzvlərinə və digər şəxslərə verməlidirlər. Bu da özgəninkiləşdirilən bağ sahəsinin iki dəfə rəsmiləşdirilməsi deməkdir. Bağ istifadəçisi bağı öz adına rəsmiləşdirdikdən sonar ya onu ləğv etməli, ya da bağ istifadəçisinin adına yenidən sənədləşdirməlidir. Onu da nəzərə almaq lazımdır ki, bağlar özəlləşdirilərkən bağ evləri və torpaq sahələri ayrı-ayrılıqda rəsmiləşdirilir.
Torpaq sahəsinin özəlləşdirilməsi üç mərhələdən keçir. Sənədləşmə əvvəlcə Bağlar İdarəsində, sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, axırda isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Təkcə onu demək kifayətdir ki, bağ sahəsinin özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bağ istifadəçilərindən 13 adda müxtəlif sənədlər tələb edir. O cümlədən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam, təsdiq edilmiş torpaq sahəsinin ayrıca aktı və vətəndaşlar arasında bölgü sxemi, Bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş siyahısı, torpaq sahəsinin verilməsi barədə protokoldan çıxarış, bağ evlərinin razılaşdırılmış layihəsi, tikintiyə razılıq barədə sərəncam, əmək kitabçasının surəti və daha nələr tələb etmirlər. İndi özünüz deyin, bu cür sənədləşmə ilə üç təşkilatdan necə keçmək olar? Özü də bu iki dəfə olur. Qardaş, mən bağımı özəlləşdirirəm, mənim orderim və müqaviləm var. Əmək kitabçasının bura nə dəxli var? Görün nə qədər bürokratçılıq var və camaatı nə qədər incidirlər. 2001-ci ildən sonra bağ istifadəçilərinin müəyyən hissəsi artıq bağ sahəsini ya ailə üzvlərinin, ya da digər şəxslərin adına keçirmişlər. Layihənin 12.2 və 12.3-cü maddələri olmasa, həmin vətəndaşlar yenidən bürokratik əngəllərlə üzləşməli olacaqlar. Bu məsələ komissiyada çox geniş müzakirə olundu. Bu qanun elə işlənib ki, torpaq istifadəçilərinin, yəni insanların mənafeyinə uyğun olaraq bürokratçılıq aradan götürülsün.
Hörmətli deputat həmkarlarım, mən çalışdım ki, Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşunda irəli sürülən təklif və rəylərin əsasında layihəyə edilən əlavə və dəyişikliklər barədə məlumat verim. Hesab edirik ki, Bağ təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və müzakirəyə hazırdır. İkinci oxunuşda fəsillər və maddələr üzrə söyləyəcəyiniz irad və təkliflərinizə görə hörmətli həmkarlarım, sizə Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyaları adından təşəkkürümü bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova söz verilir.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr! Bizim komissiyanın bu qanun layihəsinin müzakirəsinə qoşulması ekoloji məsələlərlə əlaqədar olmuşdur. Bu məsələlər müzakirədən sonra layihəyə salınıb, nəzərə alınıbdır. Bizim komissiyanı, şəxsən məni narahat edən bir-iki məqam var idi və biz xahiş elədik ki, bunlara diqqət yetirilsin və bu barədə açıqlamalar verilsin. Sağ olsun, Eldar müəllim bu barədə açıqlamalar verdi. Amma burada bəzi məqamlar yenə də qalır.
Birincisi, burada bağ evindən başqa digər təsərrüfat, infrastruktur obyektləri də ola bilər.
Yerdən. (Eşidilmir.)
V. Ələsgərov. Əli müəllim, mən Eldar müəllimə müraciət edirəm. Eldar müəllim dahi adamdır, amma iki adama birdən cavab verə bilməyəcəkdir. Sonra da ağsaqqal adamdır, utanacaqdır. Üzr istəyirəm, orada bağ evindən başqa obyektlər də ola bilər. Ona görə də burada “bağ evinin” yerinə “bağ evi və başqa təsərrüfat və infrastruktur obyektləri” yazılsaydı, yaxşı olardı.
Bir də, Eldar müəllim, 12.2 və 12.3-cü maddələr əgər bu şəkildə yazılmasa idi, məndə narahatlıq yaratmazdı. “Əvəzsiz özəlləşdirilmək hüququ yeni bağ istifadəçisinə keçir.” Çox gözəl, hüququn var, amma bunu icra eləmək kimdənsə asılıdır. Bu hüquqdan mən necə istifadə edə bilərəm? Mən təklif edirəm ki, bu gün bunu qəbul eləyək, amma o hüquqdan istifadə mexanizmini göstərək. Yazaq ki, müraciət eləyən kimi bir ay ərzində əvəzsiz özəlləşdirilir. Çox gözəl qanun layihəsidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar müəllim, bütün suallara sonda cavab verərsiniz. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mənə elə gəlir ki, bu, çox lazımlı və aktual qanunlardan biridir. Ümid eləmək istəyirəm ki, bu qanun bağ təsərrüfatı sahəsindəki münasibətləri tənzimləyəcək və yaranan bəzi ciddi problemləri aradan qaldıracaqdır. Mən nəyi nəzərdə tuturam? Bu qanunun 5-ci maddəsində konkret göstərilir ki, hansı ərazilərdə bağ salmaq olmaz. Fikir verin, 5.5.6-cı maddədə “dövlət meşə və su fondu torpaqları”, 5.5.7-ci maddədə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu 80-130 metrlik zolağının altında olan torpaqları” yazılıb.
Vaxtilə ümummilli liderimiz Heydər Əliyev də bu məsələni çox ciddi qoymuşdu. Amma indi biz nə görürük? Şıxov, Sahil tərəfdə sahilboyu ərazilər hündür hasarlarla hörülüb və dənizdən cəmi 5-10 metr məsafədə nəhəng binalar tikilib. Hətta Xəzər suyunun üzündə də bağ evləri tikilməkdədir. Bu, dəhşətli mənzərədir. Dənizin sahili dövlətin, millətin sərvətidir və toxunulmazdır. Mən dövlət məmurlarına, bağ təsərrüfatının məsul işçilərinə bu barədə bir sual vermək istəyirəm. Şıxov tərəfdə bu hasarları çəkməyə kim icazə verib? İkinci, biz bu qanunu qəbul etsək, bu özbaşınalığa son qoyulacaqmı və sahilboyu hasarlar söküləcəkmi? Heydər Əliyevin təşəbbüsü ilə salınan və “Xalqlar dostluğu” adlanan dənizkənarı parkda nə qədər ağac qırılıb? Bu əsl cinayətkarlıqdır. Vaxtilə biz orada iməciliklərdə iştirak etmişik, təzə ağaclar əkmişik. İndi parkın yerini kotteclər, bağ evləri tutur. Hörmətli Prezidentimizin fərmanlarından sonra ekologiya məsələsinə diqqət artırılır. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərlərindən soruşmaq istərdim ki, “Xalqlar dostluğu” parkının faktiki olaraq məhv edildiyinə görə kimsə cəzalandırılıbmı, məsuliyyətə cəlb olunubmu?
Qanunun 14-cü maddəsində yazılır ki, icarəyə verilmiş bağ sahəsində iki il müddətində üzürlü səbəb olmadan icarəçi tərəfindən istirahətin təşkili üçün heç bir abadlıq və ya digər işlər aparılmadıqda və sahə boş, istifadəsiz qaldıqda icarə hüququna xitam veriləcəkdir. Mən də əlaqədar orqanlardan xahiş edirəm ki, onlar mütləq inventarlaşdırma aparsınlar. Sizi inandırıram bu bənd dəqiq icra edilərsə, Abşeronda yüzlərlə, bəlkə də minlərlə bağ sahəsi boşalacaq və bu sahələr qanunda nəzərdə tutulmuş imtiyazlı şəxslərə paylanacaqdır.
Biz Bağ təsərrüfatı haqqında qanunu qəbul edəcəyik. Bu çox aktual qanundur. Amma ona əməl edilməlidir. Statusundan, vəzifəsindən asılı olmayaraq hamı bu qanuna riayət etməlidir. Biz yaxşı qanunlar qəbul edirik, amma onlar çox vaxt kağız üzərində qalır. Bu da bizim fəaliyyətimizin səmərəliyini kəskin surətdə aşağı salır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də maddələr üzrə öz fikirlərimi bildirmək istəyirəm. 5.5.7-ci maddədə göstərilir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu 80-130 metrlik zolağının altında olan torpaqlar. Bu bizim başımıza gəlib, görmüşük, Xəzərin suyunun səviyyəsinin qalxması ciddi problemlər yaradıb. Yaxın gələcəkdə bu gözlənilməsə də, hər halda burada dəniz səviyyəsinin qalxması riskini əks etdirən müddəa da verilməlidir. Bağ təsərrüfatı salmış şəxslərin 20-30 ildən sonra belə bir problemlə rastlaşmamaları üçün dəniz suyunun səviyyəsinin qalxması riski burada öz əksini tapmalıdır. Göstərilməlidir ki, əgər belə bir risk olarsa, onlara şamil edilmir.
Sonra, 6.3-cü maddədə yazılır ki, dövlət və bələdiyyə mülkiyyətində olan bağ ərazilərində əhaliyə verilən bağ sahəsinin ölçüsü 0,12 hektaradək ola bilər. Məncə, bu müddəadan sonrakılar maddədən çıxarılmalıdır. Yəni artıq burada göstərilir ki, icra orqanları bundan çox verə bilməzlər. Onda az normaları müəyyən eləməyə onların əlində hər cür əsas var və bunu da müəyyən edə bilərlər. Mövcud bağlara bunu tətbiq etməyəcəklər ki, söhbət yeni verilən bağ təsərrüfatından gedir.
7.1-ci maddənin çıxarılmasını təklif edirəm. Çünki burada göstərilir ki, bağ ərazilərinin təşkil edilməsi, abadlaşdırılması layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi norma və qaydalar əsasında hazırlanır. Məncə, 7.2-ci maddədə də bunu əks etdirən müddəa var. Göstərilir ki, bağ ərazilərinin təşkil edilməsi və abadlaşdırılması (məncə “norma” sözü çıxarılmalıdır) qaydaları (ondan sonra qalan hissələr yerində qala bilər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bir-birini təkrarlayan maddələrə ehtiyac yoxdur.
8.1-ci maddədə növbəlilikdən söhbət gedir. Faktiki olaraq əhaliyə veriləsi bağ sahəsi qalmayıbdır. Yəni istifadəsiz bağ sahələrinin alınıb kiməsə verilməsindən söhbət gedirsə, bura növbəliliyin şəffaflığı ilə bağlı müddəa salınmalıdır və müvafiq icra hakimiyyəti və ya bağ sahələrinin bölgüsündə növbəliliyi həyata keçirən orqanlarda bu siyahının asılması məcburi hesab olunmalıdır. Mən bağ təsərrüfatının yaradılması, istifadəsi qaydaları müəyyən olunarkən əslində növbəlilik məsələsinin çıxarılmasının tərəfdarıyam. Ümumiyyətlə, bizdə nə qayda qoyulursa, qoyulsun, bu, yeni bir rüşvət mexanizminin yaranmasına xidmət edir. Onsuz da bağ sahəsi yoxdur, buna görə də hər hansı bir kateqoriyadan olan vətəndaşa xüsusi imtiyaz verilməsində bir məna görmürəm.
10.6-cı maddədə göstərilir ki, qanunda nəzərdə tutulan qaydada istifadəsinə verilir (satılır). Burada ya “satılır” olmalıdır, ya da “verilir”. Bu sözlər əgər biri-birinin sinonimi deyilsə, ya “verilir” yazılmalıdır, ya da “satılır”. Qanunda mötərizənin işlənməsi heç bir halda məqsədəuyğun deyil.
14.06-cı maddədə göstərilir ki, icarəyə verilmiş bağ sahəsində iki il müddətində üzürlü səbəb olmadan icarəçi tərəfindən iş görülməyibsə, bağ sahibliyinə xitam verilir. Bu müddət artırılmalıdır. Kim iş görə bilmir? Aydın məsələdir ki, daş, sement almağa imkanı olmayan sadə vətəndaş aldığı bağda nəsə tikə bilmir. Amma dövlət məmuru, yaxşı yerlərdə işləyən adamlar bir günün içində böyük bir villa tikirlər. Bu ondan “daha səmərəli istifadə edilməsi” anlamına gəlmir ki. Bu müddət artırılmalıdır. 5 il müddət qoyulmalıdır ki, adi vətəndaş qəpik-qəpik yığdığı pulla bir daxma tikə bilsin və torpaq mülkiyyəti də əlindən belə rahatlıqla alınmasın.
16.1.3-cü maddədə prinsiplər məsələsi göstərilir. Mən 16.1.3-cü maddənin layihədən çıxarılmasının tərəfdarıyam. Bu bağ təsərrüfatı ilə məşğul olmağa əhalinin daha çox cəlb edilməsidir. Bu, elə bil, bu yaxınlarda qadınlarla bağlı apardığınız kampaniyaya oxşayır. Bunu da kampaniyaya çevirməyin nə əhəmiyyəti var? Niyə əhalini buna cəlb eləmək bizim əsas prinsipimiz olmalıdır? İnsan hansı formanı seçirsə, qoy özü seçsin. 16.1.7-ci maddənin də buradan çıxarılmasının tərəfdarıyam, çünki bu məsələ qanunun digər müddəalarında əks olunubdur. Bunun prinsip kimi göstərilməsi doğru deyil.
Eldar müəllim, xahiş edirəm, 17.2.1-ci maddəyə diqqət yetirəsiniz. “Yüklülüklər” sözü də “məhdudiyyətlər” sözünün sinonimi deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən qısa şəkildə iki məsələyə toxunacağam, çox vaxt almayacağam. 5.5-ci maddədə göstərilir ki, bağ ərazilərində aşağıdakı torpaq sahələrinin ayrılmasına yol verilmir. Bu qanun ağır və acı zərurətdən ortaya çıxdı. Əgər yol verilmirsə, sonra da biz burada yazırıq ki, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin məsuliyyəti. Burada məsuliyyət həddindən artıq ciddi şəkildə əks olunmalıdır. Sabah bu insanlar yüngül cərimələrlə bundan yaxasını qurtarmamalıdırlar. Bu çox ağır məsələdir. Biz dedik ki, Xəzər dənizinin 80-130 metrlik zolağının altında olan torpaqların paylanmasına yol verilmir. Ancaq bu, ayrılır. Bunu verən insanlar yüngül cəza ilə canlarını qurtaranda, gələcəkdə biz bu sahədə heç bir şey eləyə bilməyəcəyik. Çünki oralarda torpaqların qiyməti çox yüksəkdir. Hər kəs orada bağ salmaq istəyirsə, yaxşı pul ödəyir. Yüngül cəza ilə buna son qoymaq olmaz.
Biz bura vəzifəli şəxslərin məsuliyyəti məsələsini əlavə eləməliyik. Bu gün əslində nə baş verir? Məsələn, elə Hacıbala Abutalıbovdan filan yerdə niyə filan bina tikilir soruşanda, o, cavab verir ki, biz icazə verməmişik. Bəs onda o yerdə niyə bina tikilir? Necə yəni, böyük bir obyekt tikilir, amma onu heç kəs görmür? Rəsmi sənəd olmadıqda da o işlər görülür. Sonra isə nə onu sökmək, nə də bunun qarşısını almaq mümkün olur. Əgər biz qanunda qəbul eləyiriksə ki, 80-130 metrlikdə tikmək olmaz, onda, deməli, buna hansı bələdiyyə icazə verirsə, o da məsuliyyət daşımalıdır. Bu məsuliyyəti qoysaq, sabah ötür-ötür oyunlarının və prosesin dərinləşməsinin qarşısını ala bilərik.
Mən də Fazil bəyin 6.3-cü maddə ilə bağlı dedikləri ilə razıyam ki, bu, 0,12 hektaradək ola bilər. Bundan sonrakı fikirləri ata və eyni zamanda, bu rəqəmin özünü də bri az azalda bilərik. Çünki bayaq dedik ki, o sahələrin, ümumiyyətlə, həcmi çox deyil. İkinci də sırf bağ məqsədi üçün istifadə olunursa, biz konkret bir rəqəmi göstərə bilərik və deyə bilərik ki, bundan çox ola bilməz.
Sonra, 7-ci maddə göstəririk ki, bağ ərazilərinin təşkil edilməsi və abadlaşdırılması layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi norma və qaydalar əsasında hazırlanır. Yaxşı bu norma və qaydalar pozulduqda nə olacaq? Burada məsuliyyət məsələsini ciddiləşdirməliyik. Bununla bağlı ən ağır məsuliyyət növləri nəzərdə tutulmalıdır ki, biz bunun qarşısını ala bilək. Əks halda, bunun qarşısını almaq mümkün olmayacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, qanun layihəsinin birinci oxunuşu ilə indiki oxunuşu arasında çox böyük fərq var. Hörmətli Eldar müəllim dedi, deputatlar tərəfindən deyilən irad və təkliflərin böyük əksəriyyəti nəzərə alınmışdır. Mən bir məsələyə toxunmaq istərdim. Burada dəniz səviyyəsinin qalxması ilə əlaqədar təklif oldu. Bu bizim istəyimizdən, iradəmizdən asılı olmayan bir amildir. Mümkün olarsa, hörmətli Eldar müəllim bu məsələyə baxardı.
Bir də, bağ sahəsinin icarəyə verilməsi müddətinə qayıtmaq istərdim. Belə halda imkansız adamlar məcbur olacaqlar ki, vaxt məhdudluğunu nəzərə alaraq torpaq sahələrini ya qısa müddətdə satsınlar, ya da başqasına versinlər. O müddətin uzadılması barədə veriliən təklifə də baxmaq yaxşı olardı. Ümumiyyətlə, deyərdim ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir. Qanun layihəsinin səsə qoyulmasının tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov?
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bizim komissiyada bu qanun bənd-bənd müzakirə olunub və Eldar müəllim də bütün dəyişikliklər haqqında burada ətraflı məlumat verdi. Amma bu müzakirədə biz tez-tez eşidirik ki, artıq bağ yeri yoxdur, bağ vermək mümkün deyil. Söhbət təkcə Bakı şəhərindən getmir. Bütün şəhərlərdə və şəhər tipli qəsəbələrdə bağ yeri var.
Mən 5.7-ci maddə ilə bağlı bir məsələni qeyd etmək istəyirəm. Sadəcə olaraq, komissiyada müzakirə zamanı bu mənim yadıma düşmədi. Orada söhbət yalnız Xəzər dənizinin sahilindən gedir. Amma Mingəçevir şəhərində, Kür çayının ətrafında da bunu nəzərə almaq lazımdır. Başqa şəhərlərdə də həmçinin. Məsələn, Şəkidə Kiş çayının yatağında bağ yerləri verilir. Neçə dəfə olub ki, sel bu bağ yerlərini yuyub aparıb. Ona görə də 5.7-ci maddəni ümumiləşdirmək lazımdır. Başqa su hövzələrini burada qeyd etmək lazımdır. Həmkarlarımı qanun layihəsinə ikinci oxunuşda səs verməyə çağırıram. Mənə elə gəlir ki, bu, tam süzgəcdən keçmiş bir qanun layihəsidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin ikinci oxunuşdan keçməsi üçün biz gərək bunu əsas kimi qəbul edək. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.13 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Eldar müəllim, qanun layihəsini ikinci oxunuşda fəsil-fəsil səsə qoymalıyıq. Ondan əvvəl xahiş edirəm, verilən suallara cavab verin. Buyurun.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hörmətli həmkarlarıma dedikləri fikirlərə görə minnətdaram. Xüsusi ilə Valeh müəllimin 12.2-12.3-cü maddələrlə əlaqədar dedikləri ilə razıyam. Bəli, biz hüquqi baza yaradırıq. Gələcəkdə bunun icra mexanizmini müvafiq icra hakimiyyəti orqanı necə həyata keçirəcək, o, sonranın işidir. Konstitusiyanın 93-cü maddəsinin 4-cü bəndi, yəqin ki, hamınıza məlumdur. Mən artıq başqa şərh vermək istəmirəm.
Elmira xanım, 80-130 metr məsələsi 4 il bundan qabaq qəbul olunub, özü də bu, Prezidentdən gələn qanun olub. Çox mübahisəli qanun olub və biz bunu qəbul etmirdik. Dedilər ki, qanunun geriyə qüvvəsi yoxdur, evlər sökülməyəcək. Biz o baxımdan bunu qəbul elədik. Biz bunu o qanuna uyğunlaşdırmalıyıq, qanunlarda ziddiyyət yarada bilmərik. Biz digər qanunlara istinad eləməliyik. Qanunlar arasında ziddiyyət olarsa, Prezidentin hüququ var ki, ona veto qoysun və geri qaytarsın. Şıxovdakı hasarın sökülüb-sökülməməsi də müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Biz deyirik ki, 80-130 metrlik ərazidə ev tikmək olmaz. Amma tikirlər, siz də bunu görürsünüz. Mən neyləyim? Mən də bunu görürəm, heç bir şey eləyə bilmirəm. Biz də deyirik ki, tikməsinlər. Tikirlərsə, onun cəzasını verən icra orqanı var. Qanun ona görə lazımdır ki, bunu eləməsinlər. Nəhayət, bunun bir mexanizmi tapılacaqdır.
Burada 14-cü maddə ilə bağlı fikir səsləndi. Cənab Sədr, hamımız bilirik ki, rayonlarda camaata torpaq pulsuz verilir. 2 hektar, 3 hektar torpağı var, amma kənd təsərrüfatı məhsulu istehsal eləmir. Hərə özünə bir ev tikir. Torpaq sahəsi ev tikmək üçün yox, məhsul istehsal etmək üçün verilib. Sovetin vaxtında torpağı zəbt edənə 3 il iş verirdilər. İndi “sağ ol” deyirlər. İndi nə edək? Biz gərək qanunları sərtləşdirək, məsələni konkret qoyaq. Belə şey ola bilməz. Nəyə görə deyirəm? İki il müddətinə bağı alıb. Ya istifadə eləsin, tiksin, ya da tikə bilmirsə, müştərisi başının üstündədir. O, tikməyə almayıb, satmağa alıbdır. Satacaq. Bu baxımdan məsələni bir az sərtləşdirmişik, iki il müddətini nəzərdə tutmuşuq. Xahişim budur ki, hörmətli həmkarlarım məni düz qəbul eləsinlər.
6.3-cü maddədə yazmışıq ki, 0.12 hektaradək ola bilər. Niyə “ola bilər” yazırıq? Sabah ola bilər ki, Nazirlər Kabinetinin və ya Prezidentin təşəbbüsü ilə bu ölçü dəyişsin. Onlar da bunu bizə göndərəcəklər, biz də onu qəbul edəcəyik. Bizim hüquqi cəhətdən ixtiyarımız yoxdur deyək ki, bu, 1200 kvadrat olmalıdır. Biz bunu həyata keçirəcək ünvanları da göstərə bilmirik. Konstitusiya ilə hər bir adamın qanunvericilik orqanında vəzifəsi var. Biz vəzifə səlahiyyətini aşa bilmərik. Bu qanunu hazırlayan bir insan kimi deyirəm ki, mən Prezidentin işinə qarışa bilmərəm. O deyə bilər ki, sən mənim işimə niyə qarışırsan?
Burada vəzifəli şəxslərin məsuliyyəti məsələsi ilə bağlı sual verildi. Elə məsələlər var ki, onlar mülki məsələlərdir. Cinayət Məcəlləsi var. Hər şeyi bu qanuna yaza bilmərik ki? Bu, mümkün deyil. Bu, Bağ təsərrüfatı haqqında qanundur. Məsuliyyət məsələləri ilə bağlı yenə deyirəm, Mülki Məcəllə, Cinayət Məcəlləsi var. Orada bunlar öz əksini tapır. Mən hörmətli həmkarlarımın fikirlərinə çox böyük hörmətlə yanaşıram, üçüncü oxunuşda bu məsələlərə yenə baxarıq.
Qanun layihəsinə elə bir ciddi irad olmadığı üçün məsləhət bilirsinizsə, ikinci və üçüncü oxunuşu bir yerdə keçirək. Biz bir də bu məsələlərə baxarıq. Mən sizin hamınızı əmin edirəm ki, dediyiniz fikirləri nəzərə alacağıq. Onsuzda biz bunu qəbul eləməklə qanun qüvvəyə minmir. Prezidentin İcra Aparatında buna baxacaqlar, götür-qoy edəcəklər. Ola bilsin, onlar da nə isə deyəcəklər. Bir daha mən sizin hamınıza verdiyiniz təkliflərə görə minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi 5 fəsildən ibarətdir. Fəsil-fəsil səsə qoyuruq. Xahiş edirəm, I fəslə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.19 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, II fəslə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.20 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, III fəslə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.21 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, IV fəslə münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 15.21 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, V fəsil, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.22 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.22 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Üçüncü oxunuşa verilən təkliflərə komissiyada baxılacaqdır. Etiraz yoxdursa, qanun layihəsini üçüncü oxunuşda səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.23 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, iclasın əvvəlində bütün deputatlar tərəfindən təklif olundu ki, dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə doğum günü münasibəti ilə Milli Məclisin adından təbrik məktubu göndərək. İcazənizlə, Milli Məclis adından qəbul edilən təbriki Qənirə Paşayeva oxusun. Buyurun.
Q. Paşayeva. “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə.
Əziz və möhtərəm cənab Prezident!
Sizi anadan olmağınızın 45 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, ölkəmizin qabaqcıl dünya dövlətləri sırasına çıxarılması, xalqımızın rifah halının yüksəldilməsi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Sizin həyata keçirdiyiniz uzaqgörən siyasət Azərbaycanı dünyada ən böyük sürətlə inkişaf edən bir dövlətə çevirmişdir. On il bundan əvvəl ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış inkişaf dinamikası hazırda misilsiz vüsət almışdır. Nəhəng potensialını xalqın mənafeləri naminə inkişaf etdirən Azərbaycan gələcəyə inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir. Xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf xətti hər gün yeni bəhrələr verir.
Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti artmış, ölkəmiz Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır. Xəzər neftini dünya bazarına çıxaran Baki-Tbilisi-Ceyhan neft kəməri artıq istismara verilmişdir, Bakı-Tbilisi-Ərzurum qaz kəməri yaxın vaxtlarda işə salınacaqdır. Digər enerji-nəqliyyat layihələrinin tamamlanacağı gün uzaqda deyildir.
Ölkəmizdə hər ay yeni sənaye obyektləri istifadəyə verilir, iş yerləri açılır, xalqımızın güzəranının daha da yaxşılaşmasına yönələn tədbirlər həyata keçirilir, əmək haqları, müavinətlər, pensiyalar artırılır, elmin, mədəniyyətin, ədəbiyyat və incəsənətin tərəqqisi üçün lazımi işlər götürülür.
Vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılır.
Bu gün Azərbaycan geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uqurları ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir. Əldə etdiyimiz nailiyyətlər göz qabağındadır. Bunları xalqımız da, dünya ictimaiyyəti də layiqincə qiymətləndirir.
Vətənimizin işıqlı sabahı naminə gördüyünüz dəyərli işlər sayəsində Siz xalqımızın dərin məhəbbətini və hörmətini qazanmısınız. Azərbaycanın xoşbəxt gələcəyi bu gün Sizin əzmlə davam etdirdiyiniz quruculuq və inkişaf strategiyası ilə bağlıdır.
Əziz və möhtərəm cənab Prezident!
Sizi anadan olmağınızın 45 illiyi münasibəti ilə bir daha ürəkdən təbrik edirik! Sizi əmin edirik ki, Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirdiyiniz quruculuq işlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
Dərin ehtiram hissi ilə, Azərbaycan Respublikasının Milli Məclisi”. (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, alqışlarınıza görə çox sağ olun! Bir daha cənab Prezidentimizə ağır və çətin fəaliyyətində uğurlar arzulayaq! Sağ olun! (Alqışlar.)