26.12.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 38
Mill Məclisin iclas salonu.
26 dekabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Azərbaycan Respublikası Milli Bankının
İdarə Heyəti üzvlüyünə namizədlər
Alim Quliyev
Vadim Xubanov
Avtandil Babayev
Rüfət Aslanlı
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” 1998-ci il iyulun 17-də Ankara şəhərində imzalanmış Sazişə dəyişikliklərin edilməsi ilə əlaqədar Əlavə Sazişin təsdiq edilməsi barədə.
3. Azərbaycan Respublikasının Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
4. Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında.
5. Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
6. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə.
7. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə.
8. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
9. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
10. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
11. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
12. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi haqqında.
13. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” 1998-ci il iyulun 17-də Ankara şəhərində imzalanmış Sazişə dəyişikliklərin edilməsi ilə əlaqədar Əlavə Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
26 dekabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.00 dəq.)
Yetərsay 83
İştirak edir 94
Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Ayın 26 və 29-da keçiriləcək iclasların gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.00 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac var. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, ilk növbədə hamını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etmək istəyirəm. Müqəddəs Qurban bayramımız, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, yeni ildə Azərbaycan dövlətinə və Azərbaycan xalqına var gücünüzlə xidmət eləyəsiniz.
Neçə gün bundan qabaq biz seçicilərimizlə görüşdük və bu görüşdə çox maraqlı məqamlar müşahidə olundu. Yüzlərlə seçici dövlət başçısının fəaliyyətindən razı qaldığını, məmnun olduğunu vurğuladı. Lakin bununla bağlı bir sıra problemlər var. Bir sıra problemlər, zənnimcə, çox vaxt süni surətdə yaradılır. Bu problemlər məmurların öz vəzifə borclarına laqeydlikdən irəli gəlir. Hərdən belə təsəvvür yaranır ki, Azərbaycan dövlətinə guya xidmət eləyən məmur öz xalqına elə bil düşmən kəsilib. Problemlər nə ilə bağlıdır? İlk növbədə şikayətlər qış günlərində əhalinin qazla təminatı ilə bağlıdır.
Burada çox maraqlı məqam var. Qaz idarələri, məsələn, bizim rayonumuzda binaların qazlarını söndürürlər. Səbəb kimi guya bu yaşayış binalarında kimlərinsə borclarının olmasıdır. Lakin hamının borcu yoxdur axı. Bu bir neçə ailənin imkanları az olduğundan vaxtında qaz borcunu ödəyə bilmədikləri ilə əlaqədardır. Digərləri isə maliyyə vəsaitlərini qaz şirkətinə verirlər, lakin qaz hamı üçün söndürülür. Mən soruşmaq istəyirəm, qış günü əhalinin narazılığını yaratmağa nə əsas var? Nə üçün bu istiqamətdə müvafiq işlər görülmür? Əslində, parlament bu istiqamətdə də məmurların belə özbaşınalığı üzərində nəzarət yaratmalıdır. Hörmətli cənab Sədr, qazın, suyun, işığın müxtəlif səbəblərdən söndürülməsi əhalidə ciddi narazılıq yaradır. Bir məqamı xüsusi vurğulamaq istərdim. Prezidentin müvafiq sərəncamından sonra şəhid ailələrinə yüksək dərəcəli, zəruri olmasa da, müvafiq müavinətlər verilib. Şəhid ailələri xahiş etdilər ki, bununla bağlı təşəkkürlərini çatdırım. Amma bununla yanaşı, mən Azərbaycan məmurlarının Azərbaycan əhalisinin çox önəmli kateqoriyası olan müharibə əlilləri...
Sədrlik edən. Hörmətli millət vəkilləri, danışdıq ki, gündəliyi müzakirə edəcəyik. Gündəlikdən bir kəlmə söz deyilmir. Xahiş edirəm, gündəlik ətrafında danışın.
C. Həsənli. Hörmətli Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bizim gündəlikdə xeyli məsələlər var. Ümidvaram ki, bugünkü və ayın 29-dakı iclaslarımızda bu məsələləri həll edəcəyik. İnzibati dəyişikliklərlə bağlı çoxlu məsələlər gündəliyə çıxarılıb. Ümumiyyətlə, fikrim budur ki, payız sessiyasında parlament səmərəli işlədi. Bir-iki gün əvvəl Prezident tərəfindən 2007-ci il üçün “Dövlət büdcəsi haqqında” Qanun imzalandı və təsdiq edildi. Parlamentdə müzakirələr zamanı deyilən bir sıra məsələlər, şadam ki, büdcə layihəsində nəzərə alınmışdır. Amma bununla yanaşı, Oqtay müəllim, elə məsələlər var ki, bunları səsləndirməliyik.
Yenə də jurnalistlərə qarşı hadisələr baş verir. “Azadlıq” qəzetinin yazarı Nicat Hüseynov naməlum şəxslər tərəfindən döyülüb və hal-hazırda xəstəxanada yatır. 7-8 ay əvvəl “Bizim yol”un redaktoru şikəst edilib, bu günə qədər onu döyən adamlar tapılmırlar. Xahiş edirəm, Siz də öz nüfuzunuzdan, imkanınızdan istifadə edin, hüquq mühafizə orqanlarına təsir göstərin və bu cür hadisələri törədənlər tapılsınlar.
Mənim toxunacağım digər bir məsələ, Oqtay müəllim, parlamentdəki davranış qaydaları ilə bağlıdır. Siz Rumıniyada olanda və ya hara isə səfər edəndə, burada hansısa məsələ ilə bağlı fikir söyləyəndə sizin birinci müavininiz Ziyafət Əsgərov bizi burada nədə ittiham etmir? Gah məsuliyyətsiz adlandırır, gah da vətənə xəyanətdə ittiham eləyir. Ziyafət müəllim, biz də burada Sizin kimi millət vəkilləriyik. Siz nə savadınıza, nə intellektual səviyyənizə, nə də ümumiyyətlə, parlamentdəki rolunuza görə bizdən artıq deyilsiniz və Sizin haqqınız yoxdur ki, bizimlə burada hüquq fakültəsinin tələbələri kimi rəftar eləyəsiniz. Siz ötən dəfə məni burada Qarabağla bağlı xəyanətkar kimi təqdim etdiniz. Mən bunu demək istəmirdim, amma sadəcə olaraq, xatırlatmaq istəyirəm ki, Qarabağla bağlı tələbələri güllələrdən dəlik-deşik olmuş vertolyotlarla aparıb Kərkicahana, Cəmilliyə, Malıbəyliyə tökəndə və özümüz də onlarla qalanda Siz universitetin hüquq fakültəsinin koridorlarında, özünüz də bilirsiniz, nə işlə məşğul olurdunuz.
Sədrlik edən. Cəmil müəllim, mən yenə deyirəm, biz gündəliyi müzakirə edirik. Mənə sualınız, narazılığınız varsa, deyin, yoxsa tribunadan polemika aparmaq, hesab edirəm, düzgün deyil. Mən kimin isə Sizi təhqir etdiyini görməmişəm, auditoriya, jurnalistlər üçün danışırsınızsa, başqa məsələ. Əgər mənə müraciət edirsinizsə, yeri deyil, bir-birimizə gəlin, hörmət eləyək. Qabaq nə olubsa, onu bir ay sonra danışmaq düzgün deyil. Nə vaxt Sizi təhqir eləyiblər?
İltizam Əkbərli. Bir də xəbərdarlıq edirəm, əgər burada gündəliklə yox, başqa məsələlərlə bağlı polemika olarsa, mən müzakirələri kəsəcəyəm. Gündəlik ətrafında danışın.
İ. Əkbərli. Mən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Qəbul edilməsi mümkün olmayan çox anormal bir məsələ var. Ona toxunmaq istəyirəm. Məlumat üçün bildirim ki, seçildiyim İmişli rayonunda ANS televiziya kanalı sərbəst şəkildə yayımlanmır. Neçə illərdir ki, insanlar bu kanala baxmaq üçün xüsusi antenalardan və ya peyk antenalarından istifadə etmək məcburiyyətində qalıblar. Bu qurğular isə əlavə xərc tələb etdiyindən maddi durumu pis olan, kasıb yaşayan əksər insanlar ANS kanalı açılandan bu günə qədər onun verilişlərinə baxa bilməyiblər.
Bəlkə də bu məsələni parlamentin iclasında qaldırmaq o qədər də zəruri olmazdı, əgər dediyim anormallıq olmasaydı. Anormallıq isə ondan ibarətdir ki, rayon sakinləri öz ölkələrinin telekanalına baxa bilmirlər. Əvəzində isə çoxlu sayda xarici telekanalları izləməli olurlar. Bizim regionda qonşu dövlətlərin 4-5 kanalı, o cümlədən Ermənistanın Dağlıq Qarabağdan ötürdüyü bir kanalı sərbəst şəkildə yayımlanır. Xüsusi ilə də düşmən ölkənin telekanalında erməni əsgərlərinin döyüş hazırlığından bəhs edən və tez-tez təkrar edilən verilişlər bizi ciddi narahat etməlidir və bu kanalın qarşısı hər vasitə ilə alınmalıdır. Paralel olaraq əhaliyə, xüsusi ilə də gənclərə vətənpərvərlik və milli ləyaqət hissini aşılayan, artıran telekanalların ölkənin bütün ərazisində yayımlanmasını təmin edən tədbirlərin görülməsini vacib sayıram.
Toxunmaq istədiyim digər məsələ bizim, yəni Müsavat deputat qrupunun televiziyada göstərilməsinə qoyulan qadağa ilə bağlıdır. Hətta iş o yerə çatıb ki, bizim parlamentdə qaldırdığımız bəzi məsələlər düşünülmüş şəkildə başqa deputatların adına yazılır və insanlara təhrif olunmuş informasiyalar verilir. Mən hər həftənin birinci günü Azərbaycan televiziyası ilə verilən “Parlament həftəsi” verilişinə xüsusi olaraq toxunmaq istəyirəm. Əgər yaz sessiyası dövründə bizim çıxışlarımızdan 4-5 cümlə verilirdisə və seçicilərimiz fəaliyyətimizlə az da olsa tanış olmaq imkanı əldə edirdilərsə, payız sessiyası dövründə hiss olunur ki, bu məsələ ciddi nəzarət altına alınmışdı. İndi həmin verilişdə nəinki bizim çıxışlarımızdan bir cümlə də olsun verilmir, hətta televiziya efirində görüntülərimizin də qarşısı alınır.
Hörmətli Oqtay müəllim, əgər “Parlament həftəsi” proqramının payız sessiyası ilə bağlı lent yazılarını təftiş etdirsəniz, mənim dediklərimin doğru olduğunu görəcəksiniz. Biz televiziyanın bizə qarşı bu mövqeyinə etiraz edirik. Xüsusən “Parlament həftəsi” verilişində bizə bu cür münasibət və yanaşmaları ayrı-seçkilik kimi qiymətləndiririk. Sizdən, cənab Sədr, bu ayrı-seçkiliyə son qoyulması üçün tədbir görmənizi xahiş edirik. Çox sağ olun.
Sədrlik edən. Dediniz ki, sizin fikirlərinizi oğurlayırlar, sizin fikirlərinizi başqalarının adlarına yazırlar. Mən bilirəm ki, “Parlament həftəsi” Milli Məclisin iclaslarını, bütün deputatların çıxışlarını göstərir. Dünən də mən həmin verilişə baxdım. Mənim dediklərimdən heç bir kəlmə də verməyiblər. Deməli, mənə qarşı təxribat eləyirlər? Burada heç bir ayrı-seçkilik məsələsi yoxdur, Siz deyənləri nəzərə alıb bir də baxarıq. Pənah Hüseyn.
P. Hüseyn. Bu gün payız sessiyasının sonuncu iclaslarından biri keçirilir. İş planına təhsil barədə dörd qanun layihəsi daxil edilmişdir. Bunların heç biri, təəssüf ki, müzakirəyə çıxarılmadı. Mən Müstəqil Azərbaycan Universitetinin tələbələri ilə bağlı aparılan məhkəmə baxışlarında oluram. Həmin məhkəmədə təhsil sahəsində bir çox məsələlər üzə çıxır. Təhsil qanununun qəbul edilməsinin ləngidilməsi təhsil sahəsində kriminal vəziyyəti ağırlaşdırır. Buna görə fürsətdən istifadə edib bunun səbəbini öyrənmək istəyirəm. Hörmətli Sədr, bir daha Sizə müraciət edirəm. Növbəti məhkəmə iclası ayın 28-nə salınıb, öz nüfuzunuzdan istifadə edib bu tələbələrin işlərinin humanistcəsinə həll edilməsi üçün yardım göstərməyinizi xahiş edirəm.
İkincisi, əlbəttə, hamımız Qurban bayramını və Yeni il axşamını gözləyirik. Amma mən çox məyusluqla və narahatlıqla qeyd edirəm ki, mənim seçicilərim, Sabirabadın 150 min əhalisi həmin bayram günlərini qaranlıqda, elektrik enerjisi olmadan soyuq mənzillərdə qarşılamağa məcbur olacaqlar. Mən bir daha bildirirəm, gedib araşdırmışam, kəndin hamısı elektrik haqqını ödəyib. Sabirabad şəhərində qazın haqqı ödənilib, sənədlər də mənim çantamdadır. Ona görə də əhalidən onların işlətmədikləri, istehlak eləmədikləri enerjinin əvəzini tələb edib, bu yolla öz oğurluqlarını ört-basdır etməyə çalışmasınlar. Biz ölkənin siyasi rəhbərliyindən xahiş edirik ki, bayram günlərində əhalinin qaz və işıqla təmin olunmasını təmin etsin.
Hörmətli Milli Məclis, biz bir neçə dəfə jurnalistlərlə bağlı məsələ qaldırıb, nazirlərə müraciət etmişik. Mən bu gün ölkənin başçısı İlham Əliyevə xahişlə müraciət edirəm ki, heç olmasa, jurnalistlərə qarşı törədilmiş bir cinayətin üstünün açılmasını təmin etsin. Cəzasızlıq mühiti, jurnalistlərə qarşı törədilən cinayətlərin üstünün açılmaması və cinayətkarların cəzalandırılmaması bu kriminalın davam etməsinə səbəb olur. Belə şübhə yaranır ki, burada maraqlı olan hüquq mühafizə orqanlarının özləridir. Hörmətli Sədr, mən də yoldaşlarıma qoşularaq bizə qarşı ayrı-seçkiliyinizə qəti etirazımı bildirirəm. Hesab edirəm ki, iclaslar qanunda nəzərdə tutulmuş qaydada aparılmalı və bütün məsələlərdə bizim söz deyə bilməyimiz təmin olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Təmin olundu, hamınız danışdınız. Milli Məclis ayrı, azlıq təşkil eləyən partiyalar ayrı bir qrupdur? Hamı eyni qrupdandır, deputatdır. Özünüzü ayırmayın, xahiş edirəm, növbə gələndə hamı danışır.
Təhsil qanunu haqqında düzgün sual qaldırdınız. Komissiyanın sədri buradadıır. Şəmsəddin müəllimə tapşırıq verilib, qanun layihəsi, demək olar ki, hazırdır. Keçən iclasda söylədim ki, təhsil qanunu müzakirəyə çıxarılacaq. Həm təhsil ocaqlarında, həm Təhsil Nazirliyində, həm də Milli Elmlər Akademiyasında qanun layihəsinin müzakirələrinin cavabı gəlsin, qanun layihəsinə baxacağıq. Gələn sessiyada bu məsələ həll olunacaq. Bu qanun layihəsi işlənilib, hazırdır, indi onun müzakirələri qalıb. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də qarşıdan gələn bayramlar münasibəti ilə millət vəkillərini, sədarəti və bütün Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, 2007-ci il Azərbaycan xalqı üçün uğur gətirsin. Üç məsələ barədə fikrimi qısaca bildirmək istəyirəm. İlk növbədə, Oqtay müəllim, Sizdən xahiş edirəm, səlahiyyətinizdən istifadə edərək bayram günlərində elektrik enerjisinin, qaz və istilik enerji paylayıcılarından xahiş edin, hətta borcları olan seçicilərimizə belə, heç olmasa, bayram günlərində qaz və enerji fasiləsiz verilsin. Mən başa düşürəm, borcu olanlar da var, borcu olmayıb haqsızlıq olunanlar da kifayət qədərdir. Amma bütün bunlara baxmayaraq, xahiş edirəm, bayram günlərində seçicilərimizin bu problemləri ilə üzləşməyək.
İkinci, mən Müstəqil Azərbaycan Universitetinin tələbələri ilə bağlı xahiş edirəm. Bu məsələyə son qoymaq lazımdır. 35 gündür, bu tələbələr müxtəlif aksiyalar, o cümlədən aclıq aksiyaları keçirirlər. Onların hüquqları bu və ya digər şəkildə ya məhkəmə, ya da Təhsil Nazirliyi tərəfindən bərpa olunsun. Mən xahiş edirəm, bu məsələ barədə Milli Məclis rəhbərliyi səlahiyyətlərindən və nüfuzundan istifadə eləyib məsələyə müdaxilə eləsin, çünki məsələ uzanıb növbəti ilə də keçə bilər. Həmin tələbələr də bayram axşamları bu aksiyanı davam etdirməsinlər, məhkəmənin qərarından sonra evlərində bayram keçirsinlər.
Üçüncü, mən “Azadlıq” qəzetinin əməkdaşının döyülməsi ilə bağlı məsələyə toxunmaq istəyirəm. Keçən dəfə burada jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı danışanda Siz İnsan hüquqları daimi komissiyasına bununla bağlı tapşırıq da verdiniz. Çox təəssüf edirəm ki, yenidən belə bir insident baş verdi. Onun motivini axtarmadan jurnalistin üzərinə gedilməsi, bunun mütəmadi hesabatlara salınması, Azərbaycanın imicinə ciddi zərbə vurulması sistemli bir işdir. Xahiş edirəm, bununla bağlı Milli Məclis, millət vəkilləri ciddi şəkildə araşdırma aparsınlar. 2006-cı ildə neçənci dəfədir ki, belə bir hadisə baş verir. Bu hadisənin arxasında nə dayanır? Niyə bu hadisələr baş verir və bundan kimlər nə qazanırlar? Niyə jurnalistin yazısına, düşüncəsinə görə onu bu şəkildə fiziki təzyiqlərə məruz qoyurlar? Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Cənab Sədr, hörmətli millət vəkilləri! Gündəliklə bağlı mənim elə bir iradım yoxdur. Amma diqqətinizi vacib bir məsələyə cəlb etmək istəyirəm. Təxminən bir ay bundan əvvəl BMT-nin 3-cü komitəsində Azərbaycan nümayəndəsinin təəccüb doğuracaq hərəkəti barədə fikrimi bildirmişdim. Həmin komitənin iclasında İranda insan haqlarının pozulması, o cümlədən milli azlıqların fundamental haqlarının pozulması haqqında qətnamə müzakirə olunurdu. Orada Azərbaycan nümayəndəsi həmin qətnamənin əleyhinə səs vermişdir. Bundan sonra buna çoxlu reaksiyalar oldu. Xüsusən əksəriyyəti Güneydən olan diaspora nümayəndələri dəfələrlə məktub yazdılar ki, bu necə haldır? Hətta məktubların birində yazılırdı ki, biz utandıq, bu nə eyibli işdir. Yəni əgər Azərbaycan Respublikasının nümayəndəsi bizi müdafiə eləyə bilmirsə, heç olmasa, oradakı reallığı gizlədən fikirlər söyləməsin. Üstündən təxminən bir ay keçəndən sonra yenidən həmin məsələ Baş Assambleyaya çıxarıldı. Onu da deyim ki, orada repressiyalar davam edirdi və Mehdi Nuri adlı bir gənc tələbəyə 7 il həbs, 3 il də sürgün cəzası verildi. Onun istəyi bu idi ki, Azərbaycan türkcəsi İranda dövlət dili statusu alsın.
Ayın 19-da Baş Assambleyada Azərbaycan nümayəndəsi, dediyim kimi, yenidən bu qətnamənin əleyhinə səs verib. Əleyhinə səs verənlər arasında İranın yaxın dostları, o cümlədən Ermənistan, digər dövlətlər var. Çox maraqlıdır ki, həmin gün üç ölkədə insan haqlarının pozulması ilə bağlı qətnamə müzakirə olunurdu. Bunlardan biri Belarus, digəri Şimali Koreya idi. Maraqlıdır ki, Azərbaycan nümayəndəsi Şimali Koreya ilə bağlı müzakirədə iştirak etməyib, Belarusla bağlı müzakirədə isə bitərəf qalıb. Sual olunur: əgər Naxçıvanın vəziyyətini və digər məsələləri nəzərə almış olsaq, Azərbaycan nümayəndəsi İrandakı vəziyyəti doğru-dürüst əks etdirən qətnaməyə səs verməyə cürəti çatmırsa, heç olmasa, bu qətnamənin müzakirəsində ya iştirak etməyəydi, ya da bitərəf qalaydı və...
Sədrlik edən. Sizin dediyiniz mənim üçün yeni məlumatdır. Ancaq Azərbaycanı Ermənistanla bir qoymaq tamamilə düzgün deyil. İran bizə qonşu, Ermənistan isə bizə düşmən ölkədir. Madam ki, bu sualları verirsiniz, yoxlayarıq nə məsələdir? Amma xahiş edirəm, populist çıxışlar etməyin. Azərbaycanı, bir də Ermənistanı İranın dostları kimi qələmə vermək həqiqətdən uzaq məsələlərdir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fikriniz aydın oldu. Mən də öz fikrimi bildirirəm. Belə sözlər demək düzgün deyil. Azərbaycan Ermənistanla dost olmayıb, olmayacaq da. Amma Siz Azərbaycanla Ermənistanı dostlaşdırırsınız. Bu çıxışları bir qırağa qoyun. Siz deyən fikri mən qəbul elədim. Qayıdaq öz işimizə. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən gündəlikdən kənar olsa da, bir məsələ ilə bağlı sizin dəstəyinizi xahiş edəcəyəm. Bu günlərdə İnternet səhifələrində Azərbaycan əsgərinin erməni tərəfə könüllü təslim olduğu haqda məlumatlar yayılır. Azərbaycan əsgəri özü ermənilər tərəfə keçib və deyib ki, onu orduda incidirdilər. Amma Azərbaycanın Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı bir cavabı belə yoxdur. Bizim əsgərimiz əsir düşür. Ermənilər isə istədiklərini yazırlar. Belə şey olmaz axı. Bu bizim ordunun nüfuzuna zərbədir. Bu gün ölkədə büdcənin ən böyük hissəsi orduya ayrılır. Ordu quruculuğu sahəsində işlər görürük. Amma bunun bir tərəfi də təbliğatdır. Belə məsələlərə bu cür yanaşmaq, reaksiya vermək olmaz.
İkincisi, bir əsgərimiz əsirlikdən qurtarmamış, digər əsgərimiz əsir düşür. Biz bunun səbəblərini bilməliyik. Oqtay müəllim, bəlkə parlamentdə bir qrup yaradaq. Müdafiə Nazirliyi ilə də danışılsın, ciddi bir qurum yaradılsın, istənilən vaxt orduda yoxlamalar keçirsin. Bu gün ən böyük büdcəni ordu alır və bizim qarşımızda hədəflərimiz var. Bizim ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa eləməlidir. Orduda nə baş verir? Bu prosesləri doğuran nədir? Biz də millət vəkilləri olaraq bu haqda istənilən zaman mətbuat konfransı keçirib hesabatlar hazırlaya bilək.
Üçüncü, Oqtay müəllim, mən keçən dəfə burada məsələ qaldırdım. Müdafiə Nazirliyi bir cavab verdi ki, bu bizim səlahiyyətimizə aid deyil, Təhsil Nazirliyi istəsə, edə bilər. Mən bunu keçən dəfə dedim. Cavanlarımız orta məktəbi bitirdikdən sonra əsgərliyə gedirlər. Elə ali məktəblərimizdə də hərbi dərslərin vəziyyəti çox pisdir. Heç bir silah göstərilmir. Orta məktəbdə oxuyan şagirdlərə nə silah, nə mina göstərilir, nə də özünü qorumaq məsələləri başa salınır. Biz bu məsələni, mən Sizdən xahiş edirəm, Oqtay müəllim, heç olmasa, regionlar səviyyəsində həll edək. İndi Müdafiə Nazirliyi deyir, Təhsil Nazirliyi etsin, Təhsil Nazirliyi deyir, silahı Müdafiə Nazirliyi verməlidir. Biz bu məsələni qaldıraq. Bəlkə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında Ziyafət müəllimlə razılaşdırılsın. Hər rayonda, heç olmasa, bir mərkəz yaradaq. Oğlanlarımız silahla rəftarı, ordu vərdişlərini, heç olmasa, minimum öyrənsinlər. Onlar orduya heç nədən xəbərsiz, psixoloji cəhətdən də zəif halda gedirlər və sonra müəyyən problemlər yaranır. Oqtay müəllim, mən bu iki məsələ ilə bağlı bir parlament qrupunun yaradılmasını bir də təklif edirəm. Komissiyada həm Təhsil Nazirliyi, həm də Müdafiə Nazirliyinin iştirakı ilə bu məsələ həll olunsun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Sizin birinci sualınızla bağlı deyim ki, bu, ermənilərin provokasiyasıdır. Biz niyə buna belə reaksiya veririk ki, onlar da görsünlər? Aydındır ki, provokasiyadır. Azərbaycan əsgəri özü əsir düşə bilməz. Ağlı başında olan bir insan dünyanın düz vaxtı gedib erməniyə təslim olmaz. Bu, açıq provokasiyadır, buna fikir vermək lazım deyil.
Səhv eləmirəmsə, artıq üçüncü dəfədir ki, deputatlar, millət vəkilləri hərbi hissələrə gedirlər. İstənilən millət vəkili istədiyi vaxt gedib hərbi hissələrdə görüşlər keçirə bilər. Bunun üçün maşınlarımız da, imkanlarımız da var. Ancaq Milli Məclis audit təşkilatı deyil ki, gedib hərbi hissələri yoxlayaq.
Dediyiniz ikinci məsələ ilə tamamilə razıyam. Keçən dəfə belə bir məsələ qaldırdınız. Biz də Təhsil Nazirliyi qarşısında məsələ qaldırmışıq. Müdafiə Nazirliyi də hər cür kömək göstərməyə hazırdır. Bu çox gözəl təklifdir, bununla məşğul olacağıq. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də məndən öncə çıxış eləyən həmkarlarımın bir sıra mülahizələrini müdafiə edirəm. Hesab edirəm ki, deyilən təkliflər Milli Məclisin rəhbərliyi tərəfindən nəzərə alınıb diqqətlə öyrənilməlidir. Sonuncu çıxışa mən də müdaxilə etmək istəyirəm. Həmin əsgərin Ermənistan tərəfindən əsir götürüldüyü bölgədən, hərbi hissədən mənim yanıma əsgərlər, daha doğrusu, ali təhsilli zabitlər gəlmişdilər. Onlar ordu haqqında elə şeylər danışdılar ki, vallah, mən indiki vəziyyətdə onu dilə gətirmək istəmirəm.
Biz ildə orduya ayrılan büdcənin artımı ilə öyünürük. Mənim qohumum əsgər gedib, dünən vərəm qayıdıb. Deyir ki, yemək yoxdur, nə ətin, nə də filan ərzağın üzünü görürük. Bəzi hissələrdə yaxşıdır, bəzi hissələrdə ordunun vəziyyəti çox ağırdır. Təchizat işi pisdir, korrupsiya artır. Əsgərlərin və zabitlərin süni surətdə ləkələnməsi halları var. Bu hansı xəyanətkar əlin işidir? Zabiti məcbur eləyirlər get, məsələn, öz cibindən pul qoy, filan yeri təmir etdir. Sabah yoxlama gəlir və həmin o gördüyü işlərə görə zabiti həbs etdirirlər. Yüzlərlə bu cür faktlar var. Ona görə mən çox xahiş edirəm, Milli Məclisin deputatları tətildən istifadə eləyib iki bir, üç bir hərbi hissələrə gedib maraqlansınlar. Qəfil getsinlər, çünki əvvəldən xəbər veriləndə yemək də ayrı cür olur, hərbi hissə də səliqəyə salınır.
İkinci, mən burada Nəsib müəllimin dediyi sözə dəstək vermək istəyirəm. Azərbaycanın xarici siyasətinin müəyyən tərəfləri bizə bəllidir, aydındır. Amma qonşumuz İrana münasibətdə bizim dövlətin siyasətini başa düşə bilmirəm. 35 milyon soydaşımız orada yaşayır. Dili yox, hüququ yox, məktəbi yox, universiteti yox. Bizim BMT-dəki nümayəndəmiz deyir ki, İranda insan haqları pozulmur. Bu nə cür münasibətdir? Nə cür vətəndaşlıqdır? Ondan soruşmaq lazımdır, sən diplomatiyanın hansı səviyyəsini, nəyi bilirsən ki, hamının gözünün qabağında milli mənafelərə bu cür xəyanət edirsən?
İndi üç bayram üst-üstə düşür. Bu dəfə biz gecikdik. Mən çox istərdim ki, Milli Məclis öz hüquqlarından istifadə eləyib amnistiya məsələsində sözünü desin. Siz bilirsiniz, xırda işlərə görə yatanlar var. Mən dünən kolonların birinə getmişdim. Nə qədər müraciətlər oldu, necə əsassız və xırda şeylərə görə cavanlarımız orada əziyyət çəkirlər. Bu məsələyə Milli Məclis gələcəkdə öz hüquqlarından istifadə eləyib tez-tez müdaxilə eləməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, Siz yüzlərlə fakt olduğunu dediniz. Heç olmasa, bir-iki faktı verin, biz də araşdıraq. Xahiş edirəm, müraciət eləyin, faktlar verin, araşdıraq. Amnistiya barədə Milli Məclisə yazılı müraciətlər olub. Bu məsələlərə baxırıq, sonra xəbər verəcəyik. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, hörmətli Sədr. Mən hər şeydən əvvəl bir deputat, bir vətəndaş kimi Sizə, Milli Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm, çünki Milli Məclisdə vaxtaşırı milli-mənəvi dəyərlərimizlə əlaqədar qaldırılan məsələlərə belə operativ reaksiya verirsiniz. Müxtəlif məsələlərdə nüfuzunuzdan istifadə edirsiniz. Arzu edirəm ki, bu istiqamətdə davam edəsiniz. Mən gündəliklə tamamilə razıyam və Milli Məclisin gündəliyinin müzakirəsinə başlamağı təklif edirəm.
Bir məsələ məni düşündürür və Sizə birbaşa müraciət eləmək istəyirəm, Oqtay müəllim. Bu da bizim dövlət rəmzinin, bayrağımızın İslamı əks etdirən yaşıl rənglə bağlıdır. Tolerantlıq pərdəsi altında Azərbaycanda bizim dövlətçiliyimizin əsasına zərbə vuran çox geniş pozuculuq işləri gedir. Mən keçən dəfə bir çanta kitab gətirmişdim. Təəssüf ki, bu gün həmin kitablar yanımda yoxdur. Azərbaycanda kilsə təmiri beynəlxalq təşkilatların və bəzi səfirliklərin nəzarəti altında həyata keçirilir. Şəkidə Kiş kilsəsi təmir olunur və onun altındakı 6 min illik yaşayış yerinin üstü örtülüb və üstündən bir xaç döşənib. Bu bizim qədim mədəniyyətin üstünün örtülüb basdırılması deməkdir.
Bakı beynəlxalq xristianlığın mərkəzi kimi qələmə verilir və Bakının adının dəyişdirilib “Albanopol” qoyulması təklif olunur. Guya burada müqəddəs Varfolomey başıaşağı çarmıxa çəkilib. Görəsən indi Azərbaycanı Fələstinə çevirmək istəyirlər? Azərbaycanda missioner ədəbiyyatı çox geniş yayılır. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Artıq 3 ilin içində Qax rayonunda qədim alban monastrının 5-6 minlik ziyarət yerinin üstündən qonşu ölkəyə məxsus kilsə ucaldıblar. Bu hansı icazə ilə həyata keçirilir? Missionerlik o həddə gəlib çatıb ki, Azərbaycanda tolerantlıq pərdəsi altında iri yaşayış məntəqələrimizin əhalisinin 30-40 faizi, bəzilərinin də 20-30 faizi artıq müxtəlif dini təriqətlərin təsiri altındadır. Şimal-Qərbi Azərbaycanda bizim yol açdığımız, kömək elədiyimiz qonşu ölkənin missionerləri çox qızğın iş aparırlar və kəndlərdə xristianlığı geniş şəkildə yayırlar.
Ona görə də mən İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanıma müraciət etmək istəyirəm. Bu sahədə fəallığı artırmaq lazımdır. Sizə müraciət edirəm. “Dini etiqad azadlığı haqqında” Qanuna yenidən baxmaq lazımdır. Yeni qanun qəbul etmək lazımdır. Bu, milli-mənəvi varlığımıza, İslama, bayrağın İslam rənginə, dövlətin əsaslarına hücum deməkdir. Yəni cəmiyyəti bu bəladan qorumaq lazımdır. Xahiş edirəm, bu məsələlərdə öz nüfuzunuzdan istifadə eləyib təsir göstərəsiniz və mükəmməl bir qanun qəbul olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yaqub müəllim, bu işlərlə biz özümüz də məşğul oluruq. Missionerlər bizdən güclü deyildirlər. Bizim jurnalistlər də bu məsələlərə diqqət verməlidirlər. Həmin mövzuda yazılar da getməlidir, sübutlar da göstərilməlidir. Çox sağ olun.
Müzakirələrə başlayırıq. Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin təyin edilməsi ilə əlaqədar Milli Məclisdə müzakirələr aparılmasını xahiş edir. Mən qeyd etmək istəyirəm ki, Konstitusiyaya müvafiq olaraq Milli Bankın rəhbəri, İdarə Heyətinin üzvləri cənab Prezident tərəfindən təyin edilir, təsdiq olunur. Bundan qabaq isə Milli Məclisdə müzakirələr aparılır.
Sizə yaxşı məlumdur ki, son illərdə Azərbaycan Respublikasında aparılan uğurlu islahatların istiqamətində, pul-kredit siyasətində, Azərbaycanın dinamik və keyfiyyətli inkişafında bank sektorunda aparılan islahatlar çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında bankların Milli Bankın fəaliyyəti ilə əlaqədar bir çox vacib qanunlar qəbul edilmişdir. Birmənalı şəkildə bildirmək lazımdır ki, Azərbaycanın bank sistemi artıq dünyada tanınan, nüfuzlu bank sistemlərindən sayılır. Ona görə də Azərbaycana beynəlxalq aləmdə hörmət, diqqət artıb və Azərbaycanla iş qurmaq istəyən investorlar ilk növbədə Azərbaycanda bank qanunvericiliyi, bank sisteminin vəziyyəti, bank sistemində aparılan islahatları diqqət mərkəzinə çəkirlər.
Razılıq hissi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında aparılan bank islahatlarının uğurlu nəticələri göz qabağındadır. Uzun illərdir, artıq pul-kredit siyasətini xarakterizə edən ən başlıca göstəricilər yaxşılaşmağa meyil edir və bu işdə, heç şübhəsiz ki, Milli Bankın, Milli Bankın rəhbərliyinin, İdarə Heyəti üzvlərinin də böyük zəhməti var.
Mən təqdim olunan namizədlərin adlarını çəkmək istəyirəm. Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov, Aftandil Qasım oğlu Babayev, Rüfət Cəbrayıl oğlu Aslanlı. Onların hər birinin fəaliyyəti haqqında, keçdiyi həyat yolu haqqında Milli Məclisin üzvlərinə kifayət qədər məlumatlar verilmişdir. Ancaq onu deyə bilərəm ki, adlarını sadaladığım Milli Bankın məsul işçiləri sözün əsl mənasında professionallığı, diqqətliliyi, məsuliyyəti və Azərbaycan bank sistemində öz sözü olan mütəxəssislərdirlər. Ona görə təklif edərdim ki, onlara ayrı-ayrılıqda münasibət bildirilsin. İqtisadi siyasət daimi komissiyasında Milli Bankın rəhbərləri Elman müəllimin iştirakı ilə bu məsələyə baxılmış və İqtisadi siyasət daimi komissiyası yekdilliklə adlarını çəkdiyim insanların Milli Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar çıxarmışlar. Mən hörmətli millət vəkillərini bu qərarı dəstəkləməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, qərar layihəsini səsə qoymaq lazımdır. Münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Milli Bankın İdarə Heyətinin üzvlərini bir də təbrik edirik, işlərinizdə müvəffəqiyyət arzulayırıq!
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 17 iyul 1998-ci il tarixində Ankarada imzalanmış “Sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişə dəyişikliklər edilməsi ilə əlaqədar Əlavə Saziş”in təsdiq edilməsi haqqındadır. Layihəyə iki komissiyada baxılmışdır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 17 iyul 1998-ci ildə sosial müdafiə sahəsində əməkdaşlıqla bağlı saziş imzalanmışdır. Ötən müddət ərzində hər iki dövlətin qanunvericiliyində bir sıra ciddi dəyişikliklər olmuşdur. Bununla bağlı 2006-cı il sentyabrın 18-də Bakı şəhərində Türkiyənin əmək və sosial müdafiə naziri Murad Başesgi oğlu ilə Fizuli Ələkbərov arasında Əlavə Saziş imzalanmışdır. Bu sazişdə Azərbaycanda mövcud olan bir sıra qanunların adı çəkilir və eyni zamanda, Türkiyədə sonradan qəbul olunmuş qanunda öz əksini tapıbdır. Bu qanunlar Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Dəyişikliklər olub. Eyni zamanda, Türkiyədə qəbul olunub, bir əmək müqaviləsinə əsasən işləyən sığortalılar üçün tətbiq edilən İşsizlik sığortası haqqında Qanundur. Bütövlükdə bu qanunların sazişdə öz əksini tapması məqsədə müvafiq hesab olunur. Mən hesab edirəm ki, bu, məqbul sazişdir və bu sazişə həmkarlarımı səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səməd müəllim, Sizin əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Komissiyada baxılıb. Müzakirədə çıxış etmək istəyənlər var. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Doğrusunu deyim ki, bu dəyişikliklərin mahiyyətinin nədən ibarət olduğunu bilmirəm. Ola bilsin ki, sənədlərin arasında verilib, baxa bilməmişik. Amma məni maraqlandıran ayrı bir məsələ var. Bilirsiniz ki, Azərbaycandan xeyli miqdarda insan Türkiyədə çalışır. Xüsusən blokada şəraitində olan Naxçıvandan gedib orada çalışanlar çoxdur. Amma çox təəssüf ki, yaxın vaxtlara qədər onlar ancaq bir, yaxud iki ay işləyəndən sonra qayıdıb təzədən viza müddətlərini uzatmalı idilər. Bu da, əslində, onların gedişinin məqsədini heçə endirirdi. Qazandıqları yollara gedirdi. İndi bu müddət nə qədər artırılıb? Mən bunu deyə bilmərəm. Çox istərdim ki, komissiya sədri bu barədə məlumat versin.
Amma mən istərdim, Milli Məclis bu məsələ ilə məşğul olsun. Biz necə etməliyik ki, orada çalışan vətəndaşlarımız pasport və viza əsirinə çevrilib gündə gedib gəlməsinlər. Təsəvvür edin ki, Gürcüstanla Türkiyə arasında viza yoxdur. Biz qardaş xalqlarıq, qardaş dövlətlərik, amma arada vizamız var və ermənilər Gürcüstanın üzərindən keçib gedirlər, Gürcüstanda yaşayanlar Türkiyəyə sərbəst şəkildə gedirlər, aylarla, illərlə orada işləyirlər. Heç kim onlardan viza tələb eləmir, amma azərbaycanlılar gedir, bir-iki aydan sonra viza müddəti qurtarır və evlərinə məcburdurlar qayıtmağa. Bu nə cür qardaşlıqdır, bu nə cür qardaşlıq siyasətidir? Öz camaatımızın vəziyyətini ağırlaşdırmaq üçün bütün imkanlardan istifadə eləyirik. İmkan vermirik camaat nəfəs alsın. Ən azı Naxçıvan Muxtar Respublikasında viza ləğv olunmalıdır. Bəlkə müəyyən sərhəd rayonları üçün də bunu etmək olar. Bu dəyişikliklər həmin məsələyə nə cür təsir göstərəcək?
Türkiyə ilə Azərbaycan arasındakı vizanın əhəmiyyəti nədir? Bəzən, doğrudan da, nələrdənsə özümüzü qoruyuruq. Bunu başa düşürəm. Amma eyni zamanda, necə olur bizə qonşu olan ölkə Türkiyə ilə? Bu rejimi çoxdan aradan götürüb, amma bizimkilər həmin rejimin əziyyətini çəkirlər. Gürcüstanın ərazisindən sərbəst keçirlər, sərhəddə bizim viza verən təşkilatımız yoxdur, camaat bunu bilmir, ancaq Bakıda var. Ona görə Türkiyədən gələnlər bəzən Gürcüstan sərhədindən gedib Tbilisidə Azərbaycan səfirliyindən təzədən viza alıb geri qayıtmalıdırlar. Yaxud da maşınla gəlirlər. Maşın üçün də bir eybəcər qanun tətbiq edilir, maşının dəyərinin yarısı miqdarında rüsum, daha doğrusu, girov verməlidirlər. Qayıdanda o pulu götürürlər onsuz da. Amma bəzisinin, ola bilsin, bu qədər pulu yoxdur.
Bir sıra xarici ölkə vətəndaşları maşınla gəlib Gürcüstanı sərbəst gəzirlər. Azərbaycan sərhədində ürəyində bizə qarşı müəyyən hirslə qayıdıb gedirlər. Biz ölkəmiz haqqında niyə bu fikirləri firmalaşdırırıq? İş dalınca gedən adamlara uzunmüddətli viza verilməsi məsələsi həllini çox vacib hesab edirəm. Gələcəkdə Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş məsələsi həll olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu məsələ ilə əlaqədar Sabir müəllim bir neçə məqama toxundu. Mənim seçildiyim Naxçıvan Muxtar Respublikası, demək olar ki, bu şərait ilə gündəlik rastlaşır. Ümumiyyətlə, əhali əmək hüquqlarının qorunması və gələcək sosial təminatı ilə bağlı çox böyük problemlərlə rastlaşır. Yay vaxtı kənddə işləyən insanların, fermerlərin məhsullarının aparılması ilə böyük problemlər yaranır. Müəyyən vaxtlarda Türkiyə tərəfindən ciddi problemlər yaradılır.
İkinci bir məqama toxunmaq istəyirəm. Azərbaycanda Türkiyə vətəndaşları, firmaları asudə, azad şəkildə iş qururlar, biznes yaradırlar, işləyirlər. Bizim hüquq mühafizə orqanlarımız tərəfindən də böyük hörmətlə, diqqətlə qarşılanırlar. Hətta türk hər hansı bir cinayəti törətmiş olsa, hər hansı bir qanun pozuntusuna yol vermiş olsa belə, ona müəyyən güzəştlər edilir. Amma digər tərəfdən bunun alternativi yoxdur. Oraya işləməyə gedən azərbaycanlılar jandarm tərəfindən ciddi şəkildə sıxışdırılırlar, onları çox qapalı bir vəziyyətdə saxlayırlar. Əmək və sosial müdafiə nazirlikləri arasında bağlanan müqavilədə, hesab edirəm ki, dediyim məsələlər öz əksini tapmalıdır ki, bizim leqal şəkildə oraya işləməyə gedən vətəndaşlarımıza qarşı hər hansı bir basqı, təhlükə olmasın. Onların yaşayış şəraiti həddindən artıq ağırdır. Bəzən həmin insanları işlədikləri müəssisələrdə saxlayırlar. Onların pensiya, sosial təminat hüququ və digər hüquqları tanınmır. İndi cavandırsa, gedib 8-10 il işləyir, qayıdıb gəlir. Onun fiziki imkanları məhdudlaşan zaman pensiya ilə təmin olunacaqdırmı? Bu məsələlərə Hadi müəllimdən xahiş eləyirəm, aydınlıq gətirsin.
Digər tərəfdən, doğrudan da, biz bu məsələni qaldırmalıyıq. Bu gün Rusiyada azərbaycanlılara olan münasibət elə Türkiyədə işləyənlərə qarşı münasibətlə bərabərləşir. Mən hesab edirəm, Türkiyə bizim qardaş dövlətdir. Yenə deyirəm, blokada şəraitində yaşayan Naxçıvandan başqa yerə çıxmaq mümkün deyil. Bəzi vətəndaşlarımız oraya gedib işləyirlər, qayıdıb gəlirlər. Bu insanlara qarşı təzyiqlərin olması, mən hesab edirəm ki, düzgün deyil. Bu məsələ öz həllini tapmalıdır ki, həmin müddət uzadılsın. Həmin şəxslər iki ay müddətinə gedib işləyirlər. Yol xərci, viza xərci, başqa xərclər çəkilir. Orada bəzən pullarını da əllərindən alırlar. Qayıdıb gəlir, yenidən bir də viza almalı və sonra getməlidir. Bu müddəti bir il və ya bir az da çox etsinlər və bunu bütün Azərbaycana tətbiq eləməsələr də, Naxçıvan Muxtar Respublikasına tətbiq eləsinlər. Bizim sərhədimiz cəmi 11 kilometrdir. Bu sərhəddən insanlar asudə şəkildə keçə bilməlidirlər. Ona görə də mən xahiş edirəm, Hadi müəllim bu məsələləri mümkünsə, Milli Məclisin deputatlarının nəzərinə çatdırsın. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu məsələ Azərbaycan üçün, xüsusən də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün xüsusi aktuallığa malikdir. Çünki Naxçıvan Muxtar Respublikasının sözün həqiqi mənasında Türkiyədən başqa xaricə çıxışı, demək olar ki, böyük çətinliklərlə bağlıdır. Mən özüm bugünkü iclasa gəlmək üçün düz bir sutkadan artıq aeroportda gözləmişəm. Regionun özünəməxsus çətinlikləri var. Blokada ilə bağlı Naxçıvan Muxtar Respublikasının iqtisadi, fermer təsərrüfatının, sahibkarlığın inkişafı da daha çox Türkiyə ilə əlaqələrdən asılıdır. Bu məsələnin müzakirəsi xüsusi aktuallıq kəsb edir. Mən hesab edirəm ki, burada biz nə qədər yaxşı təkliflər versək də, bunların çoxusu müzakirə olunub ucadan səslənsə də, özünün real həllini tapması üçün müəyyən konkret addımların atılmasına ehtiyac var. Bunun üçün, xahiş edərdim, əgər məqsədəuyğundursa, Milli Məclisin adından Türkiyə tərəfdən bu işlə məşğul olan rəsmi orqanlara ayrıca məktub yazılsın.
Dəfələrlə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Azərbaycanın yüksək səviyyəli rəsmi orqanları tərəfindən müzakirə edilməsinə baxmayaraq, rəsmi müraciətlər olmadığı üçün bütün bunlar danışıqlar olaraq qalır. Mən çox xahiş edərdim, bu barədə məndən əvvəl deputat yoldaşların irəli sürdükləri təklifləri də özündə əks etdirən əhəmiyyətli bir sənəd hazırlanıb Türkiyə tərəfindən bu işlə məşğul olan rəsmi orqanlara göndərilsin. Mən çox arzu edərdim ki, bu sənəddə Türkiyə ilə Naxçıvan arasındakı keçidin 24 saat fəaliyyət göstərməsi məsələsi də öz əksini tapsın. İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı keçid 24 saat işləyir, illərdən bəri Türkiyəyə keçid hələlik 16 saat işləyir. Neçə illər bundan qabaq digər çətinlikləri var idi, amma bu çətinlikləri Türkiyə aradan qaldırmışdır. Elə bilirəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Keçidin 16 saat yox, 24 saat işləməsinə ehtiyac var.
Bundan başqa, vizanın iki ay olması, burada deputat həmkarlarımın dedikləri kimi, sanki qarşı tərəfə gedib-gəlməyin əhəmiyyətini heçə endirir. Ona görə də mən bu vizanın sahibkarlar, iş adamları, işləmək məqsədi ilə gedənlər üçün altı aya qədər uzadılmasını məqsədəuyğun hesab edərdim. Hesab edirəm ki, Milli Məclisin bu məsələyə müdaxilə etməsi illərdən bəri müzakirə obyekti olan məsələnin həllində əhəmiyyətli addımlara səbəb olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də burada çıxış eləyən deputat həmkarlarımı dəstəkləyirəm və onların fikirləri ilə razılaşıram. Bir məsələni də nəzərinizə çatdırım ki, Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycanda səfərdə olanda bizimlə Həmkarlar İttifaqları Konfederasiyasında bir saatlıq görüş keçirmişdir. Sizin burada sadaladığınız bütün problemləri biz Türkiyənin nazirinin nəzərinə çatdırmışıq və o da söz vermişdir ki, həmin məsələləri müzakirə edəcəklər və bunların həllinə çalışacaqlar. Mənim qaldırdığım problemlər də elə burada söylənilən problemlər idi. Bizim də bu yaxınlarda, mart ayına kimi Türkiyə səfərimiz olacaqdır. Həmkarlar təşkilatı xətti ilə orada biz bu məsələləri bir də qaldıracağıq və çalışacağıq məsələ öz həllini tapsın. Ümumiyyətlə, nəzərə çatdırıram ki, biz orada müqavilə imzalayacağıq ki, orada çalışan vətəndaşlarımızın sosial və əmək hüquqları qorunsun. Yəni bu barədə danışıqlar olub və biz bunları yaxın zamanlarda həyata keçirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Türkiyə ilə az-çox əlaqəsi olan bir adam kimi mən də hər dəfə oraya gedəndə bu problemlə qarşılaşıram. Doğrudan da, Oqtay müəllim, indi müəyyən çətinliklər ucbatından Naxçıvan Muxtar Respublikasından xeyli sayda adam İstanbulda və Türkiyənin digər yerlərində çalışır. Bəziləri hətta ailəsi ilə gediblər. Təsəvvür edin ki, bu adamlar üç aydan sonra gərək ölkədən çıxsınlar, təzədən viza alıb ölkəyə qayıtsınlar. Bu müddət həm iş, həm də biznes maraqları üçün həddindən artıq az müddətdir. Biz bu dəyişiklikləri qəbul eləyiriksə, komissiyadan xahiş eləyək, ikitərəfli qaydada viza münasibətlərinin tənzimlənməsi sahəsində problemlərin aradan qaldırılmasına yardım etsin.
Mən deputat həmkarlarım Siyavuş Novruzovla, İsa Həbibbəyli ilə tamamilə şərikəm ki, əhalinin bu kateqoriyasının fəaliyyəti hökmən nəzərə alınmalıdır. Keçid və viza müddətlərinin artırılması üçün zaman yetişibdir. Digər tərəfdən Türkiyə bizim üçün yad bir dövlət deyil ki, qarşımızda duran ciddi problemləri həll edə bilməyək. Mənə elə gəlir ki, əgər Azərbaycan tərəfi öz şərtlərini, təkliflərini əsaslandırılmış formada versə, Türkiyə tərəfi bunu qəbul eləyəcək. Mənə elə gəlir ki, biz vətəndaşlarımızın həmin problemlərinin aradan qaldırılması istiqamətində dəyişiklikləri etsək, bütövlükdə bu məsələ düzələr və qarşıdakı ildə də vətəndaşlar həmin problemlərdən azad olarlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu məsələlərdən az-çox mənim də xəbərim var. Cənab nazir buraya gələndə bizim Atatürk Mərkəzinə də gəldi. Orada da söhbət oldu. Bilirsiniz söhbət nə yerdədir? Azərbaycanla Türkiyə arasında böyük biznes sahəsində münasibətlər kifayət qədər normallaşıb və bunun hüquqi texnologiyaları da hazırlanıb. Böyük biznesdə problem yoxdur. Amma indi artıq kiçik biznes səviyyəsində formalar işlənib hazırlanmalıdır. Böyük iqtisadi proseslər gedir, onları tənzimləmək bilavasitə dövlətin işidir. Əslində, bizim müstəqillikdən sonrakı münasibətlərimiz daha çox ona yönəlmişdir. Sonra belə bir vəziyyət əmələ gəldi.
Böyük biznes arxasınca Türkiyədən Azərbaycana iş adamları gəldilər ki, onlar biznes sahibləri deyildilər, böyük kapital imkanları yox idi və istər-istəməz ölkədə gedən proseslər nəticəsində insanların bir hissəsi, xüsusi ilə də məişət sahəsində çalışanlar geri qayıtmalı oldular. Bu da Türkiyədə müəyyən problemlər yaratdı. Belə bir məsələ qaldırıldı ki, Türkiyənin iş adamları geri qayıdırlar. Azərbaycan mətbuatında da əksini tapdı. Geri qayıdanlar böyük kapitalı olan iş adamları deyildirlər. Geri qayıdan adamlar artıq Azərbaycanın iqtisadi yüksəlişi səviyyəsində ciddi bir iş görə bilmirdilər. İndi mənə elə gəlir ki, Azərbaycandan Türkiyəyə yalnız ailə saxlamaq mənasında işləməyə gedənlər yoxdur. Hətta Türkiyədən Azərbaycana gələnlər var. Naxçıvan Muxtar Respublikasından gedənlərin sayı, bilirsiniz, çoxdur.
Mən düşünürəm ki, Türkiyə ilə bizim aramızda əhalinin bu təbəqəsi səviyyəsində olan iqtisadi münasibətlərlə bağlı yeni saziş imzalanmalıdır. Bu məsələ müzakirə olunmalıdır. Hətta təklif etmək olar ki, regionlar səviyyəsində sazişlər bağlansın. Naxçıvan Muxtar Respublikası ilə İqdır, Qars, Ərzurum kimi regionlar arasında bələdiyyələr və ya valiliklər səviyyəsində müqavilələr, sazişlər imzalansın. Həmin sazişlərdə yerli şərait nəzərə alınaraq sosial-iqtisadi münasibətlər tənzimlənsin və viza problemi də bu yolla həll olunsun. Bu şəkildə mümkündür.
Mən Cəmil müəllimlə razı deyiləm ki, Azərbaycan tərəfi nə isə hazırlayıb Türkiyə tərəfinə təqdim etsə, Türkiyə tərəfi razılaşar. Belə düşünmək mümkün deyil. Guya Türkiyə tərəfi oturub orada gözləyir ki, Azərbaycan ağıllı bir təklif versin ki, o da bununla razılaşsın. Vəziyyət belə deyil. Burada problemlər çox aydın şəkildə dəqiqləşdirilməlidir. Əsas da odur ki, Türkiyə ilə Azərbaycan arasında böyük kapitalın işlədiyi sferadan məişət sferasına keçmək lazımdır. Bu, artıq günün tələbidir. Söhbət hələlik böyük biznes səviyyəsindən gedir. Amma onların da təklifləri olur. Böyük keçidlərə kömək eləmək, böyük ticarətə kömək eləmək. Bilirsiniz ki, böyük biznes, böyük iqtisadiyyat həmişə siyasətə daha çox təsir eləyib. Kiçik, məişət səviyyəsində sosial-iqtisadi münasibətlər böyük siyasətə təsir eləyə bilmir. Ona görə biz aşağı enməliyik, məsələlər regional qaydada həll olunmalıdır. Yəni ayrıca saziş olmalıdır. Burada başqa şəkildə mümkün deyil, təşəkkür edirəm.
Sədrlik edən. Yaqub Mahmudov.
Y. Mahmudov. Hörmətli Sədr, mən deputat İsa Həbibbəylinin çıxışındakı bir cümləni təkrar etmək istəyirəm. Bizim çıxışlarımızla, deklarativ bəyanatlarımızla və sairlə bizim bu münasibətlərimizi, xüsusən Naxçıvanla bağlı məsələləri sahmana salmaq mümkün olmayacaq, konkret addımlar atmaq lazımdır. Dəfələrlə mən Sədərək seçki məntəqəsində olmuşam və camaatın ağır vəziyyətini müşahidə eləmişəm. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi ilə əlaqədar erməni rəhbərliyinin tutduğu mövqe aydındır, gündə bir gözlənilməz məsələlər ortaya atırlar, gündə bir şantaj, gündə bir yalan və sair. Ona görə də Naxçıvana real kömək edilməlidir. Naxçıvandakı camaatımız yerində oturmalıdır, bunun üçün də Türkiyə ilə əlaqələr nizama düşməlidir. Bizim nəqliyyat sahəsində böyük işlərimiz var. Cənab Prezident bu işlərə başçılıq eləyir və mən o işləri alqışlayıram.
Gürcüstanla Türkiyə və Avropa ilə əlaqələrimiz sahəsində böyük işlər gedir. Amma təklif edirəm ki, nəqliyyat sistemimizdə inqilab edilsin. Bu da ondan ibarət olardı ki, Sədərək keçidi vasitəsi ilə Naxçıvan dəmir yolu ilə Türkiyənin Qars və ya başqa bölgələri arasında əlaqə yaradılsın. Dəmir yolunun çəkilməsinə bu saat Azərbaycanın imkanları da var. Bu, camaatın vəziyyətini yaxşılaşdıra bilər. Xırda ticarətlə məşğul olan şəxslər gömrük məntəqəsində olmazın əziyyət çəkirlər. Amma əlaqələrin genişləndirilməsində bu addımın atılmasının böyük əhəmiyyəti olardı. Ona görə təklif edirəm, Milli Məclis Nəqliyyat Nazirliyi qarşısında belə bir məsələ qaldırsın. Hörmətli Ziya müəllim bu işlərin öhdəsindən gələ bilər. Naxçıvanla Türkiyə arasında dəmiryol nəqliyyatının açılması, həmin regionun Azərbaycanın tərkibində inkişaf eləməsi, çiçəklənməsi üçün böyük əhəmiyyətə malik olardı. Sağ olun.
Sədrlik edən. İki kəlmə mən də deyim. Burada bir neçə məsələ qaldırıldı. Mən də Siyavuş müəllimlə razıyam ki, Naxçıvanda viza məsələsi yüngülləşdirilməlidir. Ümumi viza məsələsinə gəldikdə isə deyim ki, Türkiyədə də Azərbaycana gəlmək üçün vizalar alırlar. Nəzərinizə çatdırım ki, Azərbaycanda az türk işləmir. Dərindən baxanda onların sayı bizimkilərdən az deyil. Ancaq bir şey var ki, onlar burada işlərini müqavilə əsasında qururlar, oraya gedən azərbaycanlılar isə müqavilə əsasında işləmirlər. Onlar öz səfirliklərini gözəl tanıyırlar. Bizim gedənlərin çoxu səfirliyimizi də, konsulumuzu da tanımır. Gedirlər, müqaviləsiz istəyirlər, hər şəraitə razı olurlar. Ona görə də ortaya belə məsələlər çıxır.
Viza barədə Azərbaycan hökuməti artıq məsələ qaldırmışdır, bu sahədə iş gedir. Amma mən əminəm ki, vaxt gələcək, Azərbaycan da öz əmək bazarını qorumağa başlayacaq. Onlar əmək bazarını da qoruyurlar, ucuz iş qüvvəsi axtarırlar. Hətta bəzən bununla da razılaşmırlar. Sabir müəllim dedi ki, maşınları saxlayırlar. Düz eləyirlər, çünki maşınların qiyməti Türkiyədə çox yüksəkdir, maşın buradan getdi, orada mütləq satılacaq. Pulu alınır, buraxılır. Biz də əmtəə bazarımızı, işçi bazarımızı qoruyandan sonra bu məsələlər bir az sadələşdiriləcək. Buyurun, Hadi müəllim.
H. Rəcəbli. Oqtay müəllim, Siz məsələlərə aydınlıq gətirdiniz. Həqiqətən, mövzu bizi narahat edir. Problem hamımızı düşündürür. Çıxış edən deputat həmkarlarım bu gün göz önündə olan problem haqqında danışdılar. Mən qeyd etmək istəyirəm ki, əmək miqrasiyası ilə bağlı Azərbaycan parlamenti xüsusi qanun qəbul eləyib. Həmin qanunda bu münasibətlər qismən tənzimlənib, amma burada çoxlu açıq qalan məsələlər var. Rusiyaya miqrasiya ilə bağlı ciddi məsələlər meydana çıxacaq. Bu sənəd əvvəllər qəbul edilmiş “Sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişə dəyişikliklərlə bağlıdır. Mən hesab edirəm ki, deyilən məsələlər ayrıca mövzudur. Bu məsələlərlə bağlı mütləq əlaqədar orqanlarla əlaqə yaradıb, araşdırmağa çalışacağıq. Amma bütövlükdə bu məsələ mövcud olan sazişə əlavə ilə bağlıdır. Ona görə xahiş edirəm, deputat yoldaşlarım buna səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikasının Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi rayonun ərazisində yeni 4 inzibati ərazi vahidinin yaradılmasını nəzərdə tutur. Çaylı inzibati ərazi dairəsindən ayrılaraq Qovlar kənd inzibati ərazi vahidi yaradılır və Pənahlılar kənd inzibati ərazisinin yaradılması nəzərdə tutulur. Belə olan halda Çaylı inzibati ərazi dairəsi statusunu dəyişir və Çaylı kənd inzibati ərazi vahidi olur. Qızılqaya qəsəbəsinin Xanlar şəhər inzibati ərazi dairəsinin tərkibindən ayrılması nəzərdə tutulur. Həmin qəsəbə mərkəz olmaqla Qızılqaya qəsəbə ərazi vahidinin yaradılması nəzərdə tutulur. Qızılca kənd inzibati ərazi dairəsindən Yeni Qızılca kəndi ayrılır və kənd inzibati ərazi vahidinin yaradılması nəzərdə tutulur. Məsələ komissiyada müzakirə olunub və Milli Məclisin müzakirəsinə təqdim olunur. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Arif müəllim. Çıxış etmək istəyənlər var? Rafael Hüseynov.
R. Hüseynov. Hörmətli millət vəkilləri! Azərbaycanın inzibati ərazi bölgüsündə baş verən dəyişikliklərlə bağlı müzakirələr Azərbaycan Milli Məclisində tək-tək istisnalar nəzərə alınmaqla çox qısa müddətdə başa çatır. Amma düşünürəm ki, inzibati ərazi bölgüsündə dəyişikliklər millətin, dövlətin həyatında son dərəcə ciddi məsələdir. Bununla bağlı fəlsəfənin özündə bir dəyişiklik olmalıdır. Bu gün müzakirə olunan konkret məsələ ilə bağlı fikirlərimi söyləməzdən öncə bununla bağlı bəzi mülahizələrimi və fikirlərimi bölüşmək istəyirəm. Təbii, 22 əsr əvvələ nisbətən bu gün Azərbaycanda da, dünyanın hər yerində də torpaqlar daha qıtdır, sərhədlər daha konkretdir. 2000 il əvvəl bu sahədə daha asudəlik idi. 2000 il əvvəl türk tarixində adı həmişə yaşayacaq böyük dövlət adamı Mete Xaqan söyləyib ki, dövlətin təməli torpaqdır. Başqa bir müdrik söz də var ki, yer addan başlanır. Yerlərin adına biz hər zaman son dərəcə həssas, dəqiq yanaşmalıyıq.
Çox uzun illər əvvəl “Azərbaycanın inzibati ərazi bölgüsü” adlı bir kitab nəşr edilib. Uzun illərdir ki, mən həmin kitabın təkrar nəşrini görmürəm. Əlbəttə, bu, yaramaz. Mən düşünürəm ki, gələcəkdə Azərbaycan parlamentində bizim yer-yurd adları ilə bağlı, toponimlərlə əlaqədar ayrıca bir qanun layihəsi hazırlanmalıdır. Kifayət qədər mükəmməl hazırlanacaq qanunda həm yer adlarının dəyişdirilməsinin dəqiq mexanizmləri ortaya qoyulmalı, həm də vaxtilə biz “Dil haqqında” Qanuna əlavə etdiyimiz kimi, inzibati ərazi bölgüsü ilə də əlaqədar 3-5 ildən bir kitabın mütləq qaydada nəşri nəzərdə tutulmalıdır. Eləcə də qanun çərçivəsində beynəlxalq hüquq normalarını, beynəlxalq konvensiyaları nəzərə alaraq ölkədən xaricdəki yer adlarının qorunması problemi də nəzərə alınsın.
Azərbaycan dilinin orfoqrafiya lüğəti 30 il bundan əvvəl çapdan çıxmışdı. Azərbaycan dövlət başçısının latın qrafikalı ədəbiyyatın nəşri ilə bağlı fərmanından sonra, 30 illik fasilədən sonra təkrar nəşr edildi. Dilin həyatı ilə bağlı bir kitabdır, hər 5 ildən bir mütləq nəşr olunmalıdır. Eləcə də inzibati ərazi bölgüsü ilə əlaqədar kitabın nəşri daimi olaraq sistem halında təkrarlanmalıdır. Qanun 3-5 ildən bir olmalıdır. Kitab nəşr edilməlidir ki, ölkəmizin ərazisində baş verən yer adları ilə bağlı dəyişiklikləri hər zaman konkret olaraq bilək. Ona görə yaxın zamanlar içərisində, yeni ildə yer adları ilə bağlı ayrıca qanun layihəsinin mükəmməl şəkildə hazırlanması ilə bağlı iş görülməlidir.
İndiki halda mexanizm necədir? Yerli təşkilatlar təkliflərini göndərirlər. Toponimika komissiyasında buna baxılır, biz də Milli Məclisdə çox zaman etiraz etmədən, bəzən isə müəyyən iradlarımızı bildirərək bunu formal olaraq təsdiq edirik. Düşünürəm ki, yerlərdən gələn təkliflər əvvəlcə burada elmi şəkildə, çox ciddi halda, Dövlət Torpaq Xəritəçəkmə Komitəsində, Elmlər Akademiyasının Tarix İnstitutunda, Etnoqrafiya və Arxeologiya İnstitutunda, ən müxtəlif elmi mərkəzlərdə araşdırılmalı, təkliflər verilməli, bundan sonra təkliflər Toponimika komissiyasina təqdim olunmalı, oradan son dərəcə mükəmməl rəy alınmalıdır. Bunlar düşüncələrdir. Belə güman edirəm ki, bunlar, sadəcə, söz olaraq gərək qalmamalıdır, bunlara əməl edilməsi gərəkdir.
Konkret Xanlar rayonu ilə əlaqədar danışmaq istərdim. Bu bölgə Azərbaycanın tarixi nöqteyi-nəzərdən qiymətli, əziz bölgələrindən biridir. Mən ötən zamanların tarixini araşdırmışam, xüsusən XX əsrin əvvəllərindəki tarixi, istiqlal mübarizələri zamanındakı tarixi də öyrənmişəm. Kəndlərin adını oxuyuram: Çaylı, Dozlar, Qızılqaya. Bunlar, sadəcə, adlar deyil, adların arxasında saysız-hesabsız insanlar dururlar. Bunlar Azərbaycanın sərvətləridir. Birincisi, mən adların dəyişdirilməsi ilə əlaqədar təkliflərin hamısına səs verirəm, bunları dəstəkləyirəm. Bunlar hamısı tarixən mövcud olmuş adlardır. Müəyyən inzibati proseslərin davamı ilə əlaqədar olaraq dairələrdə dəyişikliklər baş verir. Bu, məqbuldur.
Sonuncu bənddə də Yeni Qızılca kənd inzibati ərazi dairəsinin tərkibində Yeni Qızılca kənd inzibati ərazi vahidinin yaradılmasını təqdir eləyirəm. Burada bir məqama diqqət yönəltməyi vacib sayıram. Bəzən biz qondarma adlar yaratmağa çalışırıq. Yeni inzibati vahid yaradanda əsas gətiririk ki, kənddən belə bir təklif gəlib, kəndin ağsaqqalları yığışıb belə deyiblər, ona görə belə olmalıdır. Düşünürəm ki, oradan gələn təklif də ağıllı ola bilər. Amma tarixi faktlara, gerçəkliyə əsaslanırsa, biz bunu etməliyik. Amma Qızılca mövcuddursa, onun yanında yeni vahid yaranırsa, Yeni Qızılca adlanması daha vacibdir. Az sonra müzakirə edəcəyimiz layihəyə görə Kürdəmir rayonunun Şilyan kəndində ayrıca bir vahid yaradılır və bunun ”Qarasu” adlandırılması təklif olunur. “Qarasu” çox tarixi addır, Azərbaycanın müxtəlif yerlərində var. Belə adları yaradanda biz ehtiyatlı olmalıyıq. Əgər Baharlı Azərbaycanın 5 yerində varsa, Şahsevən 10 yerində varsa, Qarasu 6-7 yerində varsa, bu, tarixi nöqteyi-nəzərdən dəyər daşıyır. İnsanların zamanındakı miqrasiyasını göstərir. Bu gün qondarma adlar yaradanda tarixi düşüncədə müəyyən təhriflərin ortaya çıxmasına bais ola bilərik. Odur ki, elə Şilyanda da yaradılan yeni ərazi vahidin “Yeni Şilyan”, yaxud Azərbaycanın digər ərazilərində mövcud olan kimi “Yuxarı Şilyan”, “Aşağı Şilyan” adlandırılması məqsədəmüvafiq olardı. Amma “yeni” təyininin əlavə olunması daha düzgün olardı.
Bir halda ki təklif edilən dəyişikliklərdən söz açmışam, onda Xanlar rayonu ilə bağlı da sözümü deyim. Tarixən Xanların bir neçə adı olmuş, bu günün özündə də düşmənlərimiz Xanların özünə, torpağına qəsb etmək iddiaları ilə yaşamaqdadırlar. Hesab edirəm ki, biz Xanların adı ilə də bağlı düşünməliyik. Dediyim kimi, istiqlal tarixində, eləcə də XIX əsrdə istiqlal tarixində bu bölgənin nə qədər vacib rolu olduğunu bilirəm. Amma bu bölgədə hələ də Qatır Məmmədin heykəli qalır. Mən demirəm, bütün heykəlləri yığışdıraq, mən uçurmağın əleyhinəyəm, zamanında da yazmışam, demişəm ki, həmin epoxanın nişanəsi olan heykəlləri yığıb haradasa heykəllər muzeyi yaratmaq lazımdır. Amma Qatır Məmməd ermənilərlə, bolşeviklərlə Azərbaycan istiqlalına qarşı mübarizə aparmış insandır. Bildiyimiz kimi, bu rayona Xanlar Səfərəliyevin adı verilib. Xanlar Səfərəliyevin də tarixdəki, bolşevik hərəkatındakı yeri bəllidir. Amma həmin bölgənin, Azərbaycanın istiqlal tarixində müstəsna rolu olan insan Cavad xan var. Buranın adı çoxdan Cavad xanın adı ilə bağlı olmalı idi. Odur ki, bu istiqamətdə həm Milli Məclisdə, həm də Milli Məclisin divarlarından kənarda, ictimaiyyət arasında müzakirələr getməlidir. “Xanlar” adı bu günlərdə, sadəcə, diqqətsizlikdən yaşayır. Biz oraya daha yeni baxışla yanaşmalıyıq.
Qanun layihəsində təklif olunan məsələyə münasibətim müsbətdir. Düşünürəm ki, burada tarixi məqamların hamısı gözlənildiyinə görə müsbət mənada səs vermək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən Xanlar-Daşkəsən bölgəsindən seçildiyimə görə bu məsələyə münasibətimi bildirmək istəyirəm. Bildiyim bəzi məsələlər barədə məlumat vermək istəyirəm. Addəyişmələrlə bağlı yerli icra hakimiyyəti və onun başçısı ilə xalq arasında heç bir problem yoxdur. Əksinə, bu çox normal qəbul olunur və orada yaşayan kənd əhalisi üçün icra nümayəndəliyində müəyyən məsələləri həll etmək asanlaşır. Dozlar kəndi ilə bağlı bildirmək istəyirəm ki, yay aylarında orada torpaq sürüşmələri olmuşdu. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb və orada yeni kənd salınıb və yeni mənzillər, binalar tikilib və üç yeni bina tikiləcək. Çıxışımla bildirmək istəyirəm ki, burada yerli icra hakimiyyəti ilə, onun rəhbəri ilə xalq arasında qarşılıqlı anlaşma var. Hamıdan xahiş edirəm, bu layihəni dəstəkləsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən konkret Xanlarla bağlı yox, bu məsələnin mahiyyəti ilə bağlı bir neçə fikrimi deyəcəyəm. Biz müstəqillik əldə eləyəndən sonra yüzlərlə belə inzibati ərazi vahidi yaratmışıq. Adlar başqa məsələdir. Mən yeni inzibati ərazi vahidinin yaradılmasına münasibətimi bildirmək istəyirəm. Sovet idarəçilik sistemi ilə müstəqil dövlətimizin idarəçilik sistemi arasında böyük fərq var. Sovet idarəçilik sistemində mülkiyyət dövlətin ixtiyarında olduğuna görə ərazi inzibati vahidlərinin yaradılması məhz mülkiyyətin idarə olunması baxımından zərurət doğururdu. Ona görə də kiçik kəndlərin idarəçiliyi ilə bağlı dövlət tərəfindən müəyyən idarəçilik həyata keçirən şəxslərə ehtiyac var idi. Ona görə də sovet idarəçilik sistemində inzibati idarəçilik vahidlərinin sayı digər ölkələrlə müqayisədə çox idi. Bu, təbii ki, ondan irəli gəlirdi.
Biz indi müstəqil dövlətik. Torpaq islahatını həyata keçirmişik. Yerlərdə torpaq islahatı nəticəsində daxili miqrasiya baş verib. Belə olan şəraitdə xırda-xırda kəndləri ayıraraq icra nümayəndələri yaradılması zərurəti nədən irəli gəlir? Buna ehtiyac varmı? Bunun maliyyə tərəfləri var, bunun digər tərəfləri var, ona görə də biz bunlara çox ehtiyatla yanaşmalıyıq. Ümumiyyətlə, Azərbaycanın ərazi inzibati vahidlərinin yaradılması ilə əlaqədar bunu tənzimləyən qanunlara yenidən baxmaq lazımdır. Yəni hər kəs yenidən bu və ya digər kəndin bölünməsi ilə əlaqədar təkliflər verir. Bu bölünmə zamanı yerli icra nümayəndəsi yaradılır. Digər idarəçiliklə bağlı funksiyaları yerinə yetirən məmurlar yaradılır. Əslində, buna ehtiyac yoxdur, çünki yenə deyirəm, xüsusi mülkiyyətə, liberal mülkiyyətə əsaslanan dövlət idarə sistemində ərazi vahidlərinin, rayonların təmərküzləşməsi prosesi gedir. Belə olan şəraitdə isə biz xırdalanmağa doğru gedirik və bu xırdalanma isə nəticə etibarı ilə həmin kəndlərdə müəyyən problemlər yaradır. Yeni ərazi inzibati vahidinin yaradılmasını, təbii, istəməyənlər də olur, istəyənlər də. Qarşıdurmalar yaradılır. Az qala həmin kəndlərdə bu və ya digər nəsillərə bölgü prosesi gedir. Ona görə də buna çox ehtiyatla yanaşmaq lazımdır.
Yeni ərazi inzibati vahidinin yaradılması ilə bağlı təklif ciddi şəkildə araşdırılmalı, bunun zəruri olub-olmadığı tam əsaslandırılmalıdır. Əks təqdirdə biz Azərbaycanda ərazi inzibati vahidlərinin sayını o qədər artıra bilərik ki, nəticə etibarı ilə dövlət idarəçiliyinə də mənfi təsir göstərər. Bizim maliyyə imkanlarımıza da və digər məsələlərə də təsir göstərə bilər. Ona görə xahiş edirəm ki, komissiya bu məsələləri ciddi araşdırsın. Parlamentdə yeni ərazi vahidləri məsələsinə baxılarkən həmin regiondan olan deputatlar bununla ciddi şəkildə maraqlanaraq araşdırsınlar. Ümumiyyətlə, bununla bağlı qanunvericiliyimizə də yenidən baxmaq zərurəti var. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Mən, sadəcə, iki məsələyə qısa münasibət bildirəcəyəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Biz yeni inzibati ərazi vahidləri yaradırıq. Bu, müsbət haldır. Amma biz çox strateji bir səhv addım atmışıq. Vaxtilə Ağdərə rayonunu ləğv etmişik və Ağdərə rayonunun bərpası istiqamətində tədbir görməliyik. Bizim üçün çox strateji bir məsələdir. Arif müəllim də buradadır. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Ağdərənin qaytarılması məsələsi. Mən bilmirəm, indi Arif müəllimdən soruşmağa da imkan olmadı, ümumiyyətlə, nə üçün ləğv olunmuşdur? Amma bunun qaytarılması, bərpası məsələsi bu gün strateji baxımdan çox vacib bir zərurətdir.
Rafael müəllim çox gözəl bir məsələyə toxundu. Sovet dövründə rayonlarımızda, kəndlərimizdə bəzən bayağı adlar qoyublar. Birinci, bizim adlarımızı dəyişdiriblər. İkinci, belə adlar bu günün tələbi ilə həm milli mənafeyimizə, həm də dövlət düşüncə tərzinə görə dəyişdirilməlidir. Ümumiyyətlə, bir komissiya olmalıdır ki, rayonlarımızda, kəndlərimizdə yer adları ilə bağlı məsələlərə baxsın. Bu məsələləri birdəfəlik həll eləməliyik, ciddi şəkildə bunun üzərində işlənilməlidir. Hansı tarixi adlarımızı dəyişiblər, hansı tarixi adlar məhv olub? Bəzən elə adlar qoyulub ki, onların bu gün yaşaması bizim üçün bəzi hallarda təhqirdir. Hesab edirəm, bunun üçün bir komissiya yaradılmalıdır və bu məsələ çox ciddi şəkildə həll olunmalıdır. Mən həmin adları bir-bir sadalamaq istəmirəm. Bir də görürsünüz, elə adlara rast gəlirik, düşünürük, biz 15 ildir bunu niyə saxlamışıq? Bunları biz artıq çoxdan dəyişməli idik. Yerli camaatla danışarkən bilirsən ki, məqsəd tarixi məhv etmək olub. Mənim seçildiyim Tovuz rayonunda çox belə şeylər var. Ümumiyyətlə, orada türkçülüyün kökünü kəsmək üçün hər şey etmək istəyiblər. Amma bu məsələlər bir az köklü həll olunmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Biz hər dəfə toponimika ilə əlaqədar bu və ya digər məsələni müzakirəyə çıxaranda çox mübahisələr düşür. Bu mübahisələri çox təbii bir hal kimi qiymətləndirirəm. Bir mütəxəssis kimi fikrimi demək istəyirəm. Bəzən bu mübahisələr elə şəklə gəlib çatır ki, heç həll etmək belə mümkün deyil. Əvvəla, burada çıxış edən yoldaşların fikirləri ilə razıyam. Bu məsələlərə çox düzgün qiymət verirlər. Bu gün istər Xanlar rayonunda, istərsə də Şəmkir rayonunda aparılan bu cür toponimik dəyişikliklər tamamilə yerindədir, uyğundur və düzgündür. Mən buna çox diqqətlə baxmışam. İstər oradakı addəyişmələr, istərsə də kəndin, qəsəbənin adının ikinci hissəsinə başqa ad verilməsi məqsədəuyğundur və münasibdir.
Burada Rafael müəllim çıxışında çox incə bir məsələyə toxundu. Tamamilə düz deyir, bizdə yer adları və onların inzibati bölgüsü ilə əlaqədar nə vaxtsa bir kitab nəşr olunub. İndi müxtəlif şəxslər, mütəxəssislər tərəfindən belə kitablar nəşr olunur. Lakin dövlət səviyyəsində 3-5 ildən bir belə kitabın kütləvi tirajla nəşr olunması camaatın əlində bir vasitə olar və ondan normal şəkildə istifadə edərlər, ağıllı, məntiqli fikir irəli sürə bilərlər. Ancaq bunun gerçəkləşməsi artıq komissiyanın və dövlətin səlahiyyətində olan bir məsələdir.
Burada bir fikir də səsləndi. Sovet dövründə verilən adlardan bəhs edildi. Məsələn, Xanlar rayonuna Xanlar Səfərəliyevin adı verilibdir. İndi “Xanlar” deyəndə məhz Xanlar Səfərəliyev nəzərdə tutulmur. “Xan” sözünə “lar” şəkilçisi artırılıbdır. Ümumiyyətlə, bu bir tarixdir. Hər halda həmin şəxs azərbaycanlıdır və bu torpağın yetişdirməsidir. Belə adları dəyişdirib yeni adlar qoysaq… Azərbaycanda bu cür adlar çoxdur. Bəlkə sizə deyim ki, onlarla yox, yüzlərlədir. Onda gərək bunların hamısını dəyişək. Yəni bir sinif kimi biz özümüz bu adları ləğv eləyək, yəni sıradan çıxaraq. Hamısı da sovet dövrü ilə, ictimai-siyasi proseslə əlaqəlidir. Belə adları demirəm. Ancaq şəxs adları, özü də tarixi şəxs adları ilə adlandırılan ərazi vahidləri vardır.
Bizim böyük alimlərimiz olub, onların adları kəndlərə verilib. Onlar sovet dövründə yetişiblərsə, həmin adları dəyişək, indi, yaxud ondan qabaq yetişən bir şəxsin adını qoyaq. Başqa bir kəndə onların adını qoyaq. Ancaq həmin adları dəyişdirib bu adlarla əvəz etmək çox böyük narazılığa səbəb ola bilər. Ona görə də belə məsələlərdə, xüsusi ilə ad sistemində çox diqqətli olmaq lazımdır. Dedim ki, bu məsələ üç sahənin kəsişmə obyektidir. Həm tarixçilərin, həm coğrafiyaçıların, həm də dilçilərin. Ona görə də tədqiqatda hər üç sahənin mütəxəssisləri iştirak etməlidirlər. Yerli camaatın da fikirləri nəzərə alınmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən həmkarım Rafael Hüseynovun təklifini və qaldırdığı məsələni tam dəstəkləyirəm. Qeyd etmək istəyirəm ki, bir neçə il bundan öncə çox böyük çətinliklə, nəhayət, Gəncədə Cavad xanın məzarının bərpası mümkün oldu. Çox sağ olsun cənab Prezident, onun diqqəti bu məsələyə çox böyük oldu və məzarın üzərində bir abidə də ucaldıldı. Cavad xanın Azərbaycan tarixindəki rolu və adı ilə bağlı məsələdə bir boşluq var. Ona görə hesab edirəm ki, Gəncəbasar regionunda onun adı bərpa olunmalı, müxtəlif tədbirlər həyata keçirilməlidir. Mən, ümumiyyətlə, hesab edirəm ki, tarixçilərimiz tərəfindən sistematik formada bir proqram hazırlanmalıdır. Azərbaycanın tanınmış oğullarının adları ölkəmizdə bərpa olunmalıdır. Cavad xan bir misaldır. Əgər belə bir proqram tutularsa, digər bölgələrdə də bu məsələlər öz həllini tapar. Təklif olunan məsələni mən də dəstəkləyirəm və ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hər dəfə bu mövzuda söhbət düşəndə, müzakirələr qızışır. Hər kəs fikirlər deyir və həmin fikirlərdə də yəqin, bir həqiqət, tələbat bu günümüzün reallığından irəli gələn müxtəlif məsələlər vardır ki, müzakirələrə səbəb olur. Milli Məclis bu barədə çox müsbət addım atıb. Bu yaxınlarda biz mühüm bir qərar qəbul eləmişik. İnzibati ərazi bölgülərinin sənədləşdirilməsi haqqında qanun qəbul olunubdur. Hörmətli deputat həmkarım Rafael müəllimin dediyi məsələ sənədləşmə əsasında daha yaxşı reallaşacaq və vəziyyət aydınlaşacaq. Təsdiq olunmuş, reallaşmış inzibati ərazi vahidi adlarının kitab halında çap olunmasının təmin edilməsi çox zəruridir. Bu, vacib məsələlərdən biridir.
Ancaq bir məsələni mən xüsusi qeyd etmək istərdim. Biz hər dəfə inzibati ərazi bölgüsü haqqında müzakirələr açanda yenə də cəmiyyətin indiki durumu ilə bağlı məsələlər baş qaldırır. Çox maraqlıdır. Mən indi təəccüb edirəm ki, nə yaxşı o vaxtlar Xanların adı həmin rayona verilib. Çünki bizim keçmiş quruluş xanların əleyhinə idi. “Xan”, “bəy” sözlərinin əleyhinə idi. Çox adamlar öz familiyalarından, adlarından həmin sözləri atmışdırlar. Lakin indiki şəraitdə yenidən adamların adlarında, soyadlarında həmin sözlərin əlavə olunması və quruluşun dəyişilməsi ilə əlaqədar yer adlarının dəyişməsi prosesi də getməyə başlamışdır. Burada biz çox ehtiyatlı olmalıyıq. Hər bir inzibati ərazi bölgüsü tarixdir, hər gün davam edən tarixdir. Hər gün insanların həyatında, inzibati ərazidə, rayonda, cəmiyyətdə baş verən hadisələr tarix olaraq qalır. Hər dəfə bunların adını dəyişib, yeniləşdirib bu tarixin üstündən xətt çəkmək olmaz. Amma nə eləyək, bu bizdən asılı deyil. Bizim tarixi ərazilərimiz indi yadların əlində olduğu, oradakı adların kütləvi surətdə dəyişdirildiyi və onlardan əsər-əlamət qalmadığı bir vaxtda biz də bəzi təshihlər etməliyik. Bu çox vacib məsələlərdən biridir.
Burada deyildi ki, yeni inzibati ərazi vahidlərinin yaradılması zərurətdir. Ümumiyyətlə, hörmətli deputat həmkarlar, hər biriniz öz ərazinizdə, rayonunuzda bu məsələlərə diqqət eləyin. Nə qədər yeni kəndlər, yeni yaşayış məhəllələri salınır. Bu məhəllələrə, əslində, mənim münasibətim tamamilə başqadır. Burada demək istəmirəm. Nə qədər əkin sahələri, faydalı sahələr həmin tikintilərin altında qalıb. Əkinə yararlı sahələrin əksəriyyəti indi tikinti altında qalıb və yeni qəsəbələr, yeni kəndlər yaranıb. Kəndlərin hamısı mövcud ərazidən xeyli uzaqlaşır. Uzaqlaşdığı üçün bunları idarə etmək də mümkün olmur. Yığcam ərazi vahidində idarəetmə asanlaşar. Bunların yaradılması zəruridir. Amma onlara ad qoyulması, adlandırılması hər halda indiki real həyatımıza uyğun həyata keçirilməlidir. Bu qanun layihəsinə səs verib təsdiq etmək olar. Burada deyilənləri də nəzərə almaq lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Arif müəllimin çıxışından sonra layihəyə münasibətimizi bildirərik. Buyurun, Arif müəllim.
A. Rəhimzadə. Sağ olun. Mən çıxış edən həmkarlarıma razılığımı bildirmək istəyirəm. Rafael müəllimə “çox sağ ol” deyirəm ki, bu söhbəti qaldırdı. Həqiqətən, bu çox ciddi məsələdir. Düzdür, Rafael müəllim Xanlar rayonunun adını Xanlar Səfərəliyevlə əlaqələndirirdi. Bu elə deyildir. Vaxtilə Səfərəliyev adına rayon olubdur. Xanlar rayonu adını “xanlar” sözündən alıbdır. Fəttah müəllim bu məsələni çox düzgün qeyd etdi. Hər halda Rafael müəllimin qaldırdığı məsələ çox ciddi məsələdir. İndiyə kimi bu məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla tənzimlənir. Həmin qanunun bir çox müddəaları bu gün bizi artıq təmin etmir. Dünya praktikasına görə coğrafi obyektlərin adı haqqında qanun qəbul olunubdur. Coğrafi obyektlərin adı haqqında qanun bu məsələləri tam tənzimləməlidir. Biz hazırda belə bir qanun layihəsinin hazırlanması ilə ciddi məşğul oluruq. Mən bu gün sizə deyə bilərəm ki, həmin məsələ bizim hörmətli deputat Fəzail İbrahimliyə həvalə olunubdur. Bir neçə dəfə yığışıb müzakirə etmişik və güman edirəm ki, biz yaz sessiyasında bu qanun layihəsini mütləq müzakirəyə verəcəyik.
Eyni zamanda, bu sahədə digər tədbirlər də görülübdür. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna düzəlişlər hazırlayırıq, çox ciddi düzəlişlərdir. Eyni zamanda, Fəttah müəllim burada təkrar etdi, “İnzibati ərazi vahidlərinin adı haqqında” Qanun qəbul etmişik. İnzibati ərazi vahidlərinə şəhadətnamələr veriləcəkdir və həmin məsələlər bir də müzakirə olunacaqdır. Ancaq mən hesab etmirəm ki, biz komissiya yaradıb kampaniya qaydasında bu məsələlərin hamısına baxmalıyıq. Bu məsələlər tədricən həll olunmalıdır. Vaxtı yetişdikcə müraciətlər olacaq, biz də bunlara baxmalıyıq. Yeni inzibati ərazi vahidlərinin yaradılmasının nə qədər zəruri olması məsələsi ilə əlaqədar Fəttah müəllim cavab verdi. Hesab edirəm ki, bu çox vacib və çox incə bir məsələdir. Mən bunun siyasi cəhətini demirəm. İdarəetməni yaxşılandırmaq nöqteyi-nəzərindən çox lazımlı məsələdir. İnzibati ərazi vahidi yaradan kənddə qısa müddət ərzində bütün infrastruktur – poçt, məktəb, kitabxana və digər obyektlər təşkil olunur. Bu nöqteyi-nəzərdən də çox proqressiv bir məsələdir.
Burada Qənirə xanım Ağdərə rayonunun ləğv olunması haqqında məsələ qaldırdı. Çox düzgün qaldırıbdır. 1990-cı illərin əvvəlində Xalq Cəbhəsinin dövründə heç bir əsas olmadan Dağlıq Qarabağın əhalisinə iqtisadi potensialına görə də ən böyük rayonu olan Ağdərə rayonu iki hissəyə bölündü. Bir hissəsi Mirbəşir rayonuna, digər hissəsi də Kəlbəcər rayonuna birləşdirildi. Bu çox böyük səhv idi. Hesab edirəm ki, bu, hətta xəyanət idi. Dağlıq Qarabağın əhalisi haqqında danışanda süni surətdə biz əhalinin sayını xeyli azaltmış oluruq. Bu məsələyə mütləq qayıdılmalıdır, Ağdərə rayonu, əslində, bərpa olunmalıdır.
Nizami müəllim burada toponimlərin adı ilə əlaqədar kitabın nəşr olunması məsələsini dedi. Düzgün məsələdir. Əslində, bunlar sadaladığım qanunlarda nəzərdə tutulubdur. Ancaq tam dəqiq olmadığı üçün həmin kitabların vaxtaşırı nəşr olunması məsələsi həll edilməmiş qalır. Bu məsələlər də öz əksini tapacaqdır. Mən çıxış edənlərin hamısına minnətdarlığımı bildirirəm, çox sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədədir. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun, Ziyafət müəllim. Qanun layihəsində nəzərdə tutulur ki, Xanlar rayonunun Quşqara kəndinin ərazisindən 100 hektar sahə Gəncə rayonuna verilsin. Bu məsələ Gəncə rayonunda aeroportun tikilməsi və onun lazımi infrastruktur obyektlərinin yaradılması ilə əlaqədar meydana gəlibdir. Qanun layihəsi hər iki rayon rəhbərliyi ilə razılaşdırılıbdır. Biz hesab edirik ki, 100 hektar sahənin Gəncə şəhərinə verilməsi bir çox məsələləri həll edəcəkdir. Əhali birinci növbədə daha yüksək status alacaqdır, şəhər statusuna keçəcəkdir. Orada mülkiyyət forması dəyişməyəcəkdir, dövlət torpağı, bələdiyyə torpağı və xüsusi mülkiyyətdə olan torpaqlar mülkiyyət formasını dəyişməyəcəkdir. Bu da, şübhəsiz, müəyyən iqtisadi maraq da yaradır. Eyni zamanda, Gəncə aeroportunun tikilməsi yol boyunda obyektlər üçün imkan yaradacaqdır. Qanun layihəsi komissiyada müzakirə olunub və sizin müzakirənizə təqdim edilir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Çıxış etmək istəyənlər var. Vidadi müəllim Məmmədov, buyurun.
V. Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün Bakı şəhərində əhalinin sıxlığı, tıxacların yaranması, şəhərsalmada olan müəyyən nöqsanlar hamımıza məlumdur. Bu məsələləri həll etmək üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi və onun göstərişi ilə çox gözəl layihələr həyata keçirilir. Körpülərin salınması, Bakının baş layihəsinə yenidən baxılması, eyni zamanda, regionların inkişafı da dediklərimə bir sübutdur.
Regionların inkişafı dedikdə Gəncəni xüsusi qeyd etmək istəyirəm. Gəncədə tikilən yüksək mərtəbəli evlər, hava limanı, istehsal müəssisələri və sair Gəncənin inkişafından və gələcəyindən də xəbər verir. Gəncə ilə bərabər mən bir də Gəncə ətrafında olan rayonların inkişafından da demək istəyirəm. Bu günlər Daşkəsəndə, Şəmkirdə, Samuxda, Xanlarda çox böyük inkişaf gedir. Gələcəkdə, yəqin ki, Daşkəsən filizindən istifadə eləyərək Gəncədə ağır metallurgiya zavodunun yaradılması layihəsi də həyata keçiriləcəkdir. Son illərdə Gəncədə 30 minə qədər əhali artımı var. Ona görə də Milli Məclisdə də, mətbuat səhifələrində də vaxtaşırı Azərbaycan paytaxtının Gəncəyə köçürülməsi məsələsi qoyulmuşdur. Ancaq hesab edirəm ki, hazırda bu məsələnin öz həllini tapması çətin olardı, ancaq həmin istiqamətdə də müəyyən iş görmək olar. Xanlar rayonundan Gəncə şəhərinə verilən 100 hektar torpaq Gəncənin qərb istiqamətində yerləşir. Mən həmin yerləri çox yaxşı tanıyıram. Şəhərin ətrafında indidən kiçik ticarət obyektlərinin salınması, demək olar ki, şəhərə yaraşmayan, şəhərsalmaya çətinlik gətirən tikintilərin aparılması gələcəkdə Gəncə şəhərində də Bakı şəhəri kimi problemlər yarada bilər.
Cənab Prezident İlham Əliyev Gəncədə hava limanının açılışında çıxış edərkən Bakıda olan bu çatışmazlıqları göstərdi və qeyd etdi ki, Gəncədə şəhərsalma sahəsində Bakıda buraxılan nöqsanlara yol vermək olmaz. Bu baxımdan hesab edirəm ki, 100 hektar yerin Gəncə şəhərinə verilməsi gələcəkdə Gəncə şəhərinin daha da inkişafına, böyüməsinə səbəb olar. Müəyyən nazirliklərin Bakıda yox, Gəncədə yerləşdirilməsi daha münasib olar. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq Xəritəçəkmə Komitəsi və sair bu kimi nazirliklər Gəncə şəhərində yerləşdirilsə, Bakının da sıxlığı bir az azalar və Gəncənin inkişafına kömək eləyə bilərdi. Eləcə də Gəncədəki ali təhsil və ya orta ixtisas müəssisələrində qəbul planını artırmaqla Bakıdakı sıxlığı aradan qaldırmaq da mümkündür. Dediklərimi səbəb gətirərək, hesab edirəm ki, bu 100 hektar yerin Gəncə şəhərinə verilməsi münasibdir və hətta gələcəkdə başqa rayonlardan Gəncə ətrafında olan yerləri Gəncə şəhərinə vermək daha yaxşı olardı.
Tarixə fikir versək, görərik ki, əvvəllər orada nə Xanlar, nə də Samux rayonları olub, Gəncə quberniyası var idi. Torpaqdan daha səmərəli istifadə edilməsi və şəhərsalma işlərinin həyata keçirilməsi üçün bu məsələnin qoyulması və həlli daha vacibdir. Mən bu məsələyə müsbət olaraq səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən həmkarım və dostum Vidadi müəllim Gəncənin inkişafı, infrastrukturların yaxşılaşdırılması ilə bağlı məsələlərə toxundu. Mən də həmin məsələlərin hamısı ilə tam şərikəm. Demək istəyirəm ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində Gəncə şəhəri son illərdə özünün bütün tarixi boyunca bəlkə ən yüksək inkişaf dövrünü yaşayır. Gəncə şəhərində təkcə cənab Prezident İlham Əliyevin səfəri ilə əlaqədar aeroportun, idman obyektlərinin, sağlamlıq mərkəzlərinin, zavodların açılması Gəncə şəhərinin tək özünün deyil, bütövlükdə respublikanın qərb bölgəsinin inkişafının bu şəhərlə bağlı olduğunu şərtləndirən amillərdən biridir. Ona görə də belə bir layihənin ortaya çıxması və Gəncə şəhərinin inkişafı və Gəncə ətrafındakı əhalinin şəhərə axını ilə şərtlənən sıxlığın aradan qaldırılması üçün Xanlar rayonunun Quşqara kəndinin ərazisindən 100 hektar sahənin ayrılıb Gəncə şəhərinə verilməsi çox müsbət bir haldır.
Mən də bu qanun layihəsini dəstəkləyirəm. Eyni zamanda, layihə ilə bağlı bir redaktə təklifim var. Mən xahiş edirəm, buna hörmətli Arif müəllim də fikir verərdi. Layihənin dili Azərbaycan dilinin yazı qaydalarına uyğun deyildir. Bunu Azərbaycan dilinin yazı qaydalarına uyğunlaşdırmaq lazımdır. Mən təklif edərdim ki, layihə bu şəkildə verilsin: “Xanlar rayonunun Quşqara kəndinin inzibati ərazisindən 100 hektar torpaq sahəsi ona həmsərhəd olan Gəncə şəhəri Nizami rayonuna verilsin”. Bu, hesab edirəm ki, daha məqsədəuyğun olardı.
Burada həm də Xanlar rayonu ilə bağlı söhbət olduğundan mən münasibətimi bildirmək istəyirəm. Hörmətli deputatlarımız burada dedilər ki, “Xanlar” sözü Xanlar Səfərəliyevin adı ilə bağlı deyil. Əslində, “Xanlar” sözü elə Xanlar Səfərəliyevin adı ilə bağlıdır. Azərbaycanın ensiklopediyasında da belə yazılır. Azərbaycan toponimləri lüğətində də və digər sənədlərdə də belə yazılır. Burada qaldırılan məsələnin mən də həm Milli Məclisin, həm də ictimaiyyətin diqqət mərkəzinə gətirilməsinə tərəfdaram. Gələcəkdə Xanlar rayonunun Cavad xanın adı ilə adlandırılması məsələsini biz ictimai müzakirəyə çıxarmalıyıq. Cavad xan Azərbaycanın ən mübariz xanlarından biri olub. Bəlkə də yeganə xandır ki, döyüşlərdə öldürülübdür və əlində silah qalib kimi həlak olub. Hesab edirəm ki, qanun layihəsini deputatlarımızın müzakirəsindən sonra səsə qoyaq və hörmətli deputat həmkarlarımdan layihənin lehinə səs verməyi xahiş edirəm. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Əlbəttə, mən ərazi inzibati vahidlərin yaradılması və ləğv edilməsi məsələsinin çox ciddi olduğunu diqqətə cəlb etmiş hörmətli deputatların fikri ilə həmrəyəm. Ermənilərin öz işğallarını əsaslandırmaq üçün müxtəlif faktlardan, tarixi saxtakarlıqlardan istifadə etmələri bir faktdır. Ona görə də həmin ərazilərdə biz bu cür bölgülər edərkən mütləq bunu nəzərə almalıyıq. Hörmətli Arif müəllim tamamilə yersiz olaraq burada 1992-ci illərdə olmuş məsələni xəyanət kimi dəyərləndirdi. Mən istəyirəm ki, bu xəyanətin dırnaqarası olduğunu diqqətinizə cəlb eləyəm. 1992-ci ildə Ağdərə rayonunun ərazisi erməni işğalçılarından azad edilmişdi. Sonradan Mardakert adı dəyişdirilərək Ağdərə adlandırılmışdı və həmin Mardakert rayonunun ərazisi üç rayon arasında bölüşdürülmüşdü. İndi belə çıxır ki, Dağlıq Qarabağ qondarma vilayətinin sərhədlərinin tərəfkeşləri meydana çıxıb. İndi Azərbaycan ərazisində ikinci erməni dövlətinin hansısa bir adla bərpasını istəyən qüvvələr əvvəllər Azərbaycan Ali Sovetinin, sonra isə Milli Məclisin qəbul etdiyi qərarları ermənilərin təftiş etdikləri kimi təftiş etmək işinə girişiblər?
Ona görə də mənə elə gəlir ki, bu məsələlərdən danışarkən məsuliyyətli olmaq lazımdır. İndi vaxtilə ləğv olunmuş qondarma muxtariyyətin bərpa edilməsi məsələsini gündəmə gətirirlərsə, müəyyən təzyiqlər nəticəsində beynəlxalq aləmdə erməni havadarlarının və onların arxasında duran beynəlxalq güclərin faktik olaraq Azərbaycan ərazisində ikinci bir qondarma erməni dövlətinin yaradılması məsələsində təzyiqlər varsa, bu o demək deyil ki, həmin dövrdə qəhrəmancasına, böyük qurbanlar hesabına azad edilmiş torpaqlarımıza yenidən erməni adının qaytarılmasını Azərbaycan Respublikasının Milli Məclisində təbliğ etməlidir. Mən hesab edirəm, bunun özü xəyanətdir. Həmin ərazidə yeni bir Azərbaycan rayonunun yaradılması məsələsi yerli əhali tərəfindən qaldırılırsa, əhalinin istəkləri yerinə yetirilərsə, bu, tamamilə başqa məsələdir. Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpasının tərəfdarlarının öz məqsədləri naminə dəlil kimi irəli sürmələri üçün heç bir əsas verməyən bir məsələdir.
Nəhayət, sonda mən bir daha diqqəti ona cəlb edirəm ki, son dövrdə Azərbaycanın ictimai rəyi çox təhlükəli bir şəkildə dəyişdirilir. İndi burada hörmətli Arif müəllimin çıxışında eşitdik ki, guya azərbaycanlı əhalinin sayı azalır. Referenduma hazırlıq gedir. Azərbaycan Respublikasının Konstitusiyasının qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində pozulması hesabına onsuz da siz Ağdərənin 5-6 kəndini oraya aid etsəniz də, etməsəniz də, etnik ermənilərin oraya doldurulması hesabına onların orada çoxluq təşkil etməsi təmin olunacaqdır. Həmin referendum, əslində, demək, Dağlıq Qarabağın ləğv olunmuş sərhədləri daxilində keçiriləcəksə, bu, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması ilə nəticələnəcəkdir. Ona görə də belə əsassız, əslində, prinsip etibarı ilə gələcək xəyanətlərə imkan verən dəlillərin Milli Məclisdə səsləndirilməsinə qəti etiraz edirəm.
Sədrlik edən. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Mən də təklif olunan məsələləri tam dəstəkləyirəm. Ümumiyyətlə, bu torpağın Gəncə şəhərinə verilməsi hələ sovetlər zamanında mübahisələr törədirdi. Nəhayət, bu məsələ həll olundu.
Mən bir məsələyə diqqətinizi yönəltmək istərdim. 1979-cu ildə Gəncə şəhəri iki rayona bölündü və inkişaf etdirildi. Xüsusən son 4-5 ildə Gəncə böyük templərlə inkişaf edir. Bu gün Gəncə şəhəri ilə Xanlar rayonu arasında sərhəd silinibdir. Xanlar Gəncəyə yaxın bir rayondur, onun bütün nəqliyyat vasitələri Gəncə torpağından keçir. Gələcəkdə Xanlar rayonu Gəncə şəhəri tərkibinə üçüncü rayon kimi daxil edilsəydi, mənə elə gəlir ki, məqsədəuyğun olardı. Bir tərəfdən bu, Xanların inkişafına bir təkan olardı, çünki artıq rayon şəhərə qovuşacaqdır. Digər tərəfdən Gəncə şəhəri də böyüyərək, mənə elə gəlir ki, daha böyük templə inkişaf eləyə bilərdi. Ona görə mən bugünkü məsələni tam dəstəkləyirəm və ona səs verəcəyəm. Hesab edirəm ki, bizim komissiya gələcəkdə bu məsələyə də baxsaydı, məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aqil Abbasov.
A. Abbasov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, mən təklif olunan məsələyə səs verəcəyəm. Bu, Gəncənin inkişafı üçün çox vacibdir. Amma mən başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Pənah bəy dedi. 1992-ci ildə olan hadisəni mən xəyanət adlandırmazdım, amma hər halda böyük bir səhv idi. Böyük səhv idi ki, Ağdərə kimi bir rayon ləğv olundu və həmin rayon üç yerə bölündü. Dağlıq Qarabağ haqqında məlumatı olanlar bilirlər ki, Ağdərə rayonu Dağlıq Qarabağın beşdə iki hissəsinə qədərini tuturdu. Yəni Ağdərə rayonunun ərazisi Ağdamın və Tərtərin ərazisinin kiçik bir yerində idi. Kəlbəcərdən kiçik idi, amma digər rayonların ərazisindən böyük idi. Ağdərə rayonu ləğv olundu. Niyə ləğv olundu? Bu bir səhv idi. Amma bu gün Ağdərə rayonunun bərpa olunmasına ehtiyac var. Dağlıq Qarabağın statusu məsələsinə toxunan şəxsi erməniyə işləməkdə suçlamaq lazım deyil.
Sadəcə, istəsək də, istəməsək də, “Dağlıq Qarabağ” deyilən bir ərazi var. Orada ermənilər öz əhalisini artırırlar, bunu bilirsiniz. Amma Ağdərə rayonunda doğulan adamlar artıq ya ağdamlıdırlar, ya kəlbəcərlidirlər, ya da tərtərlidirlər. Həmin vaxtlar orada təxminən 10 mindən artıq azərbaycanlı yaşayırdı, Ağdərə ərazisində iki böyük kənd – Umudlu, Sırxəvənd və digər kəndlər var idi. Dağlıq Qarabağdan olanlar bilirlər. Həmin rayonun ləğv olunması ilə bağlı artıq neçə ildir, doğulan uşaqlar da ağdamlı, tərtərli kimi qeydə alınırlar. Yəni 10 mindən artıq əhali oradan, demək olar ki, çıxarılmış sayılır. Ermənilər bizim torpağımızın 20 faizini işğal ediblər. Amma biz Ağdərə rayonunun iki kəndini ermənilərdən azad eləyə bilmişik. Bunlardan biri Məruşəvan kəndidir və digər kəndin adını dəqiq bilmirəm, “Sovxoz” deyirdilər. Və onların öz əraziləri də var, Ağdərənin öz ərazisi var.
Bir məsələyə də toxunmaq istəyirəm. Bizim Xankəndi deyilən bir şəhərimiz var. 10 il oradan deputat seçilmədi və nəhayət, keçən il Allaha şükür ki, oradakı azərbaycanlıların da səsi öz deputatlarını seçməyə imkan yaratdı və Xankəndi deyilən rayon da yoxdur, şəhər də yoxdur. Heç bir icra strukturları yoxdur. Necə olur ki, 15 mindən artıq əhalisi olan Xankəndinin icra strukturları yoxdur, amma deyək, 8-6 min əhalisi olan Xocavəndin icra strukturları var. Həmin Xankəndindən olan adamlar haraya müraciət etməlidirlər? Əgər Ağdərə söhbəti eləyirlərsə, elə Xankəndinin də icra strukturları bərpa olunmalıdır. Xankəndinin də dövlət orqanları olmalıdır. Eləcə də Ağdərə rayonunun icra strukturları bərpa olunmalıdır. Ağdərə rayonunun ərazisi bərpa olunmalıdır. Həmin ərazilər Ağdamdan, Kəlbəcərdən və Tərtərdən götürülüb Ağdərə rayonuna verilməlidir. Burada heç bir pis iş yoxdur və xəyanət də yoxdur.
Mən də Qarabağdan olan deputat kimi xahiş edirəm. Bizə çoxdan belə müraciətlər gəlir. Bu günlərdə iki müəllim müraciət eləyib. Onların kəndlərinin adını dəyişmək, iki müəllimin xətrinə 2 kəndi birləşdirmək istəyirdik. İndi bütün rayon camaatı müraciət edir ki, mən ağdərəliyəm, ağdamlı olmaq istəmirəm, tərtərli olmaq istəmirəm. Burada pis bir şey yoxdur. Mən də xahiş edirəm, Arif müəllimin komissiyasında bu məsələ ilə bağlı bir işçi qrupu yaradılsın. Ağdərə rayonunun, Xankəndi şəhərinin bərpa olunması məsələsi qaldırılsın və dövlət strukturları bərpa olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva, sualınız var?
Q. Paşayeva. Oqtay müəllim, mən üzr istəyirəm. Bu məsələni mən qaldırdım. Pənah bəy, mən çox xahiş edirəm ki, bir məsələyə münasibət bildirəndə bir az diqqətli olun. Ağdərə məsələsini mən qaldırdım. Mən inanıram, Siz razılaşarsınız ki, Ağdərənin yenidən bərpa olunması Azərbaycanın milli maraqlarına xidmət edən addımdır, ermənilərin milli maraqlarına xidmət edən bir addım deyil. Xahiş edirəm, bu cür məsələlərdə çox həssas olmaq lazımdır. İlk dəfə bu məsələni mən qaldırmışdım. Bir az ehtiyatlı olun. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, Siz çıxış edəndə heç kim müdaxilə etmədi. Bir az hövsələli olun. Arif Rəhimzadə.
A. Rəhimzadə. Ağdərənin verilməsi xəyanət olubdur? Mən üzr istəyirəm, xəyanət olmayıbdır. Mən indi başa düşdüm ki, Pənah Hüseyn nə o vaxt, nə də indi başa düşübdür. Bu qədər dəlil gətirəndən sonra o yenə nə isə demək istəyir. Biz süni surətdə Dağlıq Qarabağdakı azərbaycanlıların sayını 10 min nəfər azaltmışıq. Bəlkə indi 10 min deyil, 20 mindir, artıqdır? Bunu, heç olmasa, başa düşün. Siz, yəqin, Şuşanı satanda da başa düşməyibsiniz. Nəyə görə Şuşanı veribsiniz? Sağ olun.
Sədrlik edən. Fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri, müzakirələri davam etdiririk. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu dəyişikliklə əlaqədar Arif müəllimə sualım var. 100 hekltar torpaq sahəsi Xanlar rayonunun Quşqara kəndindən Gəncə şəhərinin Nizami rayonuna verilir. Mən bilmək istərdim ki, bu torpağın 100 hektarı dövlət torpağıdır, yoxsa bunun içərisində Xanlar rayonunun əhalisinin özəl, yaxud bələdiyyə torpaq sahələri var, ya yox? Əgər orada özəl torpaq sahəsi varsa, bu məsələ öz həllini necə tapacaq?
Sədrlik edən. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Buradakı çıxışların hamısı ilə razı olduğumu bildirirəm, təkcə bir çıxışdan fərqli olaraq. Deyildi ki, Xanlar rayonu qıraq bir rayondur. Ancaq əksinə, Xanlar rayonu Azərbaycanın gözəl bölgələrindən biridir. Əhalisi də çox mehriban, fədakar, qəhrəmandır. Bildirmək istəyirəm ki, Xanların torpağının özünəməxsus gözəlliyi də var. Əlbəttə, ümumi inkişafla bağlı seçicilərlə, mən təəssüf edirəm ki, bu barədə mənə müraciətlər olmayıb, amma mən orada öz işimi quracağam. Sadəcə, çıxışımla bildirmək istəyirəm ki, Xanlar Azərbaycanın çox gözəl bir bölgəsidir.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də təqdim olunan qanun layihəsinin lehinə səs verəcəyəm. Amma bir məsələ, daha doğrusu, həmkarım Aqil Abbasın verdiyi təklif məni Qarabağdan olan millət vəkili kimi maraqlandırdı. Mən sizə xahişlə müraciət edirəm. Ağdərə, bir də Xankəndinin bugünkü imkan daxilində bərpa olunması gərəkli bir məsələdir. Mən hesab edirəm, bu həm Azərbaycan cəmiyyəti, həm də həmin bölgədən olan insanlar üçün töhfə olardı. Bu da bir siyasi məna daşıyır, yəni gələcəkdə danışıqlar predmetinin mövzularından birinə çevrilə bilər.
Sədrlik edən. Sağ olun. Arif müəllim, suallara cavab verin, zəhmət olmasa.
A. Rəhimzadə. Sual olundu ki, bu torpaqlar kimə məxsusdur? Burada bələdiyyə mülkiyyətində, xüsusi mülkiyyətdə də olan torpaqlar var. Bu 100 hektar Xanlar rayonundan Gəncəyə verilərkən onların statusu dəyişmir və heç bir problem yaratmır. Əksinə, xüsusi mülkiyyətdə olan torpaqların sahibləri bunu daha da rəğbətlə qarşılayırlar, çünki həmin torpaqların qiyməti də, statusu da artır. Dövlət torpağı dövlətdə qalır. Bələdiyyə torpaqları bələdiyyədə xüsusi torpaqlar kimi qalır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: qəbul edildi
Qəbul edildi.
Gündəliyin beşinci məsələsi Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır. Arif Rəhimzadə.
A. Rəhimzadə. Sağ olun. Qanun layihəsində nəzərdə tutulur ki, Kürdəmir rayonunun Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılsın və bunun əsasında inzibati ərazi vahidi yaradılsın.
Şəmkir rayonu üzrə Keçili kəndi inzibati ərazi dairəsinin tərkibində Keçili kəndinin bir hissəsi Xuluf kəndi adlandırılsın və bunun əsasında Xuluf kənd inzibati ərazi vahidi yaradılsın.
Şəmkir rayonu üzrə ikinci dəyişiklik Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılır və Düzqışlaq kənd inzibati ərazi vahidi yaradılır.
Dəyişikliklər bundan ibarətdir. Bu, iqtisadi və digər cəhətdən kifayət qədər əsaslandırılıb. Bu kəndlər böyük kəndlərdir. Hal-hazırda orada idarəetmədə müəyyən çətinliklər var. Odur ki, məsələyə komissiyada baxılıb və müzakirənizə təqdim olunur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Səhərki iclasda toponimlərlə bağlı maraqlı və qiymətli fikirlər söylənildi. Mən də kəndlərin adlarının dəyişdirilməsinin nə qədər zəruri olması barədə fikirlərimi demək istəyirəm. Toponimlər millətin, məmləkətin tarixini yaşadan sözlərdir. Ona görə də toronimlərin dəyişdirilməsi, yeni yaşayış məntəqələrinin adlarının qoyulması son dərəcə məsuliyyətli bir işdir. Son vaxtlar bu məsələyə son dərəcə adi baxırıq. Milli Məclisin hər 3-4 iclasından bir belə məsələlər gündəliyə çıxır. Toponimiya komissiyası bunlara hansı ciddiliklə baxır? Amma, fikrimcə, adlar dəyişdirilərkən, yeni adlar qoyularkən, birinci növbədə tarixilik, millilik nəzərə alınmalıdır. Bu adlar müasirliyə və milliliyə xidmət etməlidir. İndi Arif müəllim dedi ki, Şilyan kəndinin iki kəndə bölünməsi və yeni yaradılan kəndin Qarasu adlandırılması təklif edilir. Mən bilmirəm, buna zərurət varmı, bu kəndin əhalisi nə qədər artıqdır, kəndin idarə olunması nə qədər çətinləşib ki, biz bu kəndləri bölürük? Digər tərəfdən niyə Ağsu, Safsu, Gözəlsu yox, bu kəndi Qarasu adlandırırıq? Qarasunun nəyi gözəldir? Bu hansı zərurətdən yaranır? Tarixdə Qarasu olubsa, eləyək, olmayıbsa, bundan daha gözəl adlar yarada bilərik.
Digər məsələ Şəmkirdə yeni bir kəndin Xuluf adlandırılması ilə bağlıdır. Keçili kəndinin bir hissəsində yeni kənd yaradırıq və onun da adını Xuluf qoyuruq. Bu nə deməkdir, bunun tarixi mənası varmı? Yoxdursa, izahı varmı? Mən bir neçə tarixi mənbələri araşdırdım, bu ad Xəlfəli nəsli ilə əlaqəlidir. Bu nəsil Şahsevənlər tayfasının bir qoludur. XVII əsrdə Cənubi Azərbaycandan şimala gəliblər və Azərbaycanın 7 rayonunda – Lerikdə, Masallıda, Xocalıda, Şuşada, Sabirabadda, Ağstafada bu tayfa ilə bağlı Xəlfəli adında kəndlər vardır. Biz bu adı bərpa eləyək, kəndi Xəlfəli adlandıraq. Amma “Xuluf” sözünün mənası varmı, varsa, mənə izah eləsinlər.
Sonra, Təzəkənd inzibati ərazi dairəsində Düzqışlaq kəndi yaradırıq. Təzəkənd necə yaranıb? İki kənd - Ahıllı və Düzqışlaq kəndləri birləşdirilib, olub Təzəkənd. İndi də ayırırıq, təzədən Düzqışlaq adını qaytarırıq, Ahıllı gedir. Azərbaycanda 17 Təzəkənd adı var. Yenikənd yaradılanda Təzəkənd adlanır. Nə qədər Təzəkənd olar? Kənd adları verərkən həmin yerlərdə dağ, çay adlarını xatırlamaq, tarixi etnoqrafiyamıza qayıtmaq lazımdır. Belə məsələlər gündəliyə çıxarkən parlament komissiyası ilə yanaşı Toponimiya komissiyasının sədri və ya üzvlərindən biri cavab versin. Tariximizi elə quraq ki, sonradan peşman olmayaq.
Sədrlik edən. Mən güman edirəm, Arif müəllim suallara cavab verəcək, ancaq bir-iki suala mən aydınlıq gətirmək istəyirəm. Qarasu dediyimiz məsələdə suyun qaralığından söhbət getmir. Qara böyük deməkdir. İkinci, şəhərlər necə yaranır? Əvvəl 5-10 şəhər olub, şəhərlər get-gedə böyüyür. Şəhərlərin böyüməsinin nə ziyanı var? Bu da inkişafın bir formasıdır. Əvvəl Xocahəsən, Sulutəpə deyirdilər, hərəsində 2000-3000 ev var idi. İndi həmin bölgədə 45 min mənzil tikilib, köhnə adla da adlanır, ucu-bucağı da bilinmir. Bu inzibati bölgələr böyüdükcə yeni inzibati ərazi vahidlərinin yaradılmasının, yəqin, bir mənası var. Bütün bunlar idarəetməni asanlaşdıra bilər. Rafael Hüseynov.
R. Hüseynov. Təşəkkür edirəm. Sınanmış bir tarixin, vaxtın axarından keçib bu günə çatmış bir aforizm var: “Qorumadığın sərvət sənin deyil”. Yer adlarımız da bizim sərvətlərimizdir. Qoruya bilmədiyimiz, itirdiyimiz sərvətlər sırasında yer adlarımız da var. Məsələn, 1931-ci ildə çox böyük bir formatda Zaqfederasiyanın xəritəsi nəşr edilib. Ermənistan ərazisində olan yer adlarının 93,7 faizi türk mənşəlidir, yaxud türk dilləri, Azərbaycan dili vasitəsi ilə ərəb-fars dillərindən alınmışdır. Amma bu gün Ermənistan ərazisində bircə Azərbaycan toponimi yoxdur.
Biz vaxtilə Avropa Şurasında kartoqrafik işğalçılıq adlı Ermənistan və Gürcüstan ərazisində yer adlarının dəyişdirilməsi ilə bağlı ayrıca sənəd hazırlamışdıq. Həmin sənəddə Avropanın bir çox tanınmış siyasətçilərinin də imzası vardı. Azərbaycandakı yer adlarının qədrini daha artıq bilməli, onlara çox həssas yanaşmalıyıq. Toponimlərlə bağlı müzakirələrin son iclaslarda belə həyəcanlı keçməsi, müzakirələr doğurması şəxsən məni sevindirir. Bu, milli düşüncənin fəallığından, millət quruculuğu, dövlət quruculuğu işinə insanların daha həssas yanaşmasından xəbər verir.
İndi müzakirə olunan məsələ ilə bağlı düşüncələrimi bölüşməzdən əvvəl günün birinci yarısında Xanlar rayonu ilə bağlı etdiyim söhbətə təzədən qayıdıram. Mən inanıram ki, gec-tez Azərbaycanda, paytaxtımız Bakıda şəhidlər muzeyi mütləq yaranacaq. Orada Azərbaycanın tarixi boyu millətin yüksəlişi naminə can fəda eləmiş insanların adları, izləri olacaq. Bu sırada, şübhəsiz, Cavad xanın adı olacaq, çünki Cavad xanın adı ən azı Azərbaycan xalqına bir düstur yadigar qoyub gedib. Həmin düstur da bundan ibarətdir ki, işğalçı, qəsbkar mənim torpağıma yalnız cəsədimin üstündən keçib gedə bilər. O, Azərbaycan uğrunda həyatını, taleyini qurban verib.
Xanlar rayonunun adı məhz bolşevik Xanlar Səfərəliyevin adı ilə bağlıdır. O, 1907-ci ildə həlak olub, 1938-ci ildə onun adı həmin rayona verilib. Burada bəzi deputatlar məlumatsızlıq göstərərək guya bunun “xan” sözündən və “lar” şəkilçisindən ibarət olduğunu deyirlər. Qətiyyən belə deyil. 1938-ci ildə Xanlar rayonunun adının verilməsinin də bir tarixçəsi var. Mən maraq üçün deyirəm sizə.
1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirilirdi. Azərbaycan nümayəndə heyətində Hüseynqulu Sarabski də iştirak eləyirmiş və Azərbaycan sərgisinin rəhbəri kimi oraya gedibmiş. Hamı bu aktyoru Sarabski kimi tanıyırdı. Bu əhvalatı onun oğlu teatrşünas Azər Sarabski danışırdı. Nümayəndə heyətinin üzvlərini son günlərdən birində qəbul eləyən Stalin Sarabskiyə üz tutaraq soruşur: “Ваша Ñ„Ð°Ð¼Ð¸Ð»Ð¸Ñ Ð½Ð¸ Рзаев?” O da deyirmiş çox qorxdum ki, Stalin mənim familiyamı haradan bilir, çünki hamı məni Sarabski kimi tanıyır. Deyir: ”Я помню ваÑ. Ð’Ñ‹ пели баÑÑ‚Ñ‹ на похоронах Ханлара” . “Xatirimdədir, Siz Xanların dəfnində bayatı oxuyurdunuz”. Doğrudan da, Xanların dəfnində Sarabski Bayatı-kürd oxuyub. 1907-ci ildə Stalin Bakıda idi və 1938-ci ildə Xanları xatırlayır və Azərbaycanda da bununla bağlı addımlar atılır. Xanlar rayonuna onun adı verilir. Bu, tarixdir, Xanlar Səfərəliyev olub, ayrı bir məfkurəyə qulluq eləyib. Amma bizim bir rayona onun adını əzizləyə-əzizləyə verməyimiz qətiyyən düz deyil.
Dediyim kimi, Cavad xanın millətimiz qarşısında, istiqlalımız qarşısında xidmətlərinə verdiyimiz qiymət yüksək olmalıdır. Gəncəyə ümummilli liderimiz böyük Heydər Əliyevin rəğbəti var idi. Gəncə ilə bağlı milli istiqamətdə bir çox irəliləyişlərdə onun unudulmaz xidmətləri olubdur. Prezidentimiz cənab İlham Əliyev Gəncəyə qayğı, məhəbbət göstərir. İnanıram ki, Xanlar rayonuna tarixi ədalət və millət qarşısındakı böyük fədakarlıqları naminə gec-tez Cavad xanın adı veriləcək. Amma bir halda deyilir ki, adətən, yer adlarının verilməsi rayonda yaşayan əhali tərəfindən təklif edilir. Mən də üz tuturam Xanlar camaatına, üz tuturam Azərbaycan vətəndaşına, yazsınlar, göndərsinlər. Onlar Xanlar rayonunun bolşevik Xanlar Səfərəliyevin adında qalmasına tərəfdardırlar, yoxsa Azərbaycan naminə can fəda etmiş Cavad xanın adının verilməsinə? Yazsınlar, araşdırsınlar. Sonra biz araşdıraq və qərar qəbul eləyək.
Bu gün müzakirə elədiyimiz adlarla bağlı. Mən Kürdəmir rayonunda doğulmuşam, böyümüşəm və oranın toponimikası ilə, təbii, həmişə maraqlanmışam. Qarasu Azərbaycanın sevimli adlarından biridir. Qaradan üstün rəng olmaz. Rəng kimi də rənglərin gözəlidir qara. Azərbaycanın bir neçə yerində Qarasu adlı ərazi vahidi var. Dediyim kimi, tarixi nöqteyi-nəzərdən bunun mənası var. Bu, insanların, ayrı-ayrı tayfaların miqrasiyasını göstərir. Niyə eyni tayfanın adı ilə onlarla yer adlanır? Bu, artıq tarixi, elmi faktdır və çox böyük dəyər daşıyır. Bəli, Kürdəmirdə Qarasu gölü olub. Biz adı verəndə bir az düşünməliyik. Çox da təklif camaatdan gəlir. Amma mən bilirəm, məndə olan məlumatlara görə hamı bu təkliflə razılaşmır. Dediyim kimi, Yeni Şilyan adı vermək daha münasib olardı. Məsələn, Kürdəmir rayonunda vaxtilə Ərşəli kəndi olub, sellər, sular onu yuyub aparıb. İtmiş adların bərpası daha maraqlı olardı. Bu adları müəyyənləşdirərkən son dərəcə ciddi düşünmək lazımdır. İstənilən halda bu formatı mütləq dəyişdirməliyik. Yerlərdən təklif gəlir, Toponimiya komissiyası baxır, sonra Milli Məclisin iclasına çıxarılır. Bu mexanizmi elmi əsaslarla möhkəmləndirmək üçün daha ciddi format düşünmək lazımdır ki, belə mübahisələr də ortaya çıxmasın.
Şəmkir rayonunda vaxtilə Xuluf kəndi olub. Azərbaycanın böyük folklorşünası, repressiya qurbanı Vəli Xuluflu da oradandır. Düşünürəm ki, yeni inzibati ərazi vahidlərinə itmiş adların verilməsi məqsədəuyğundur. Amma düşünmək lazımdır ki, yeni inzibati ərazi vahidləri hansı zərurətdən yaradılır? Burada, həqiqətən, dövlətçilik nöqteyi-nəzərindən zərurət var, yoxsa böyük olmayan məqsədlərə xidmət eləyir? Bu istiqamətdə düşünüb, yüz ölçüb, bir biçib addım atmaq lazımdır. Bu zaman nə mübahisələr doğar, nə də özümüzü tariximizə qeyri-həssas münasibətdə qınaya bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bizim gündəlikdə duran son üç məsələ müzakirəyə səbəb olub. Rayonlarımızın, kəndlərimizin adları ilə, toponimlərlə əlaqədar müzakirələr çox vacibdir. Mən də hesab edirəm ki, toponim üzrə mütəxəssislər öz fikirlərini bildirsələr, daha yaxşı olar. Kürdəmir, Şəmkir rayonlarında bu məsələlərlə əlaqədar bildirmək istərdim ki, son zamanlar rayonlarda kəndlər çox böyük inkişafdadır. Hörmətli Sədr, Siz də bunu qeyd etdiniz. Möhtərəm Prezident cənab İlham Əliyevin 2004-cü il fevralın 11-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar verdiyi fərman bir daha buna sübutdur. Kəndlərimizdə, rayonlarımızda çox böyük inkişaf var. Şilyan kəndindən Qarasu kəndinin ayrılması böyük problem deyil. Burada qeyd olunub ki, Qarasu kəndi inzibati ərazi vahidi yaradılsın. Bu nə deməkdir? O deməkdir ki, kənddə əlavə inzibati ərazi vahidi yaradılacaq və 4 ştat açılacaq. Kənd icra nümayəndəsi, müavini, mühasibi, təmizləyici. Ən vacib məsələ isə budur ki, bir arayış üçün Qarasu camaatı 7-8 kilometr məsafəni getməyəcək. Öz kəndində inzibati ərazi vahidi fəaliyyət göstərəcək. Əlbəttə, bu çox vacib məsələdir. Şəmkir və Kürdəmir rayonlarında bu məsələlərə biz səs verməliyik. Kəndlər ayrılmalıdır.
Hörmətli Oqtay müəllim, respublikanın rayonlarında kənd inzibati ərazi vahidlərinin ayrılması çox yaxşı məsələdir. Siz deyən kimi, orada kəndin özünün hər bir təşkilati idarəsi olacaq, gələcək inkişaf da nəzərdə tutulacaq. Ancaq məsələ bundadır ki, maliyyə məsələləri də həll olunmalıdır. Ən vacib məsələ biz büdcə müzakirə olunanda bunları nəzərə almadıq. Büdcədə hər bir rayon üçün nəzərdə tutmalıyıq ki, inzibati ərazi vahidlərinin binalarının tikilməsi, orada iş şəraiti yaradılması üçün maliyyə vəsaiti ayrılsın. Ən vacib məsələlərdən də biri budur. Biz gələcəkdə bunu nəzərə alarıq. Ancaq bu gün təqdim edilən məsələ çox vacib, yaxşı işdir, mən bunu alqışlayıram. Ona görə hörmətli deputatlardan xahiş edirəm, buna səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aqil Abbasov.
A. Abbasov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bayaq, Oqtay müəllim, çox düzgün qeyd etdiniz ki, “qara” sözü təkcə rəng bildirmir, türk dilində böyüklük bildirir. Bundan qorxmaq lazım deyil.
İkinci, mən həmin yolla tez-tez gedib gəlirəm. Mən orada Qarasu adında kənd olduğunu bilirdim. Görüş yeri təyin edəndə deyirdik ki, Qarasuda görüşərik. Mən indiyə qədər bilmirdim ki, Qarasu adında kənd yox imiş. Bu kəndin belə bir inzibati ərazi vahidinin yaranmasında qeyri-adi heç bir şey yoxdur və bunu alqışlayırıq.
Rafael müəllim buyurdu ki, Xanlar rayonu, əslində, Xanlar Səfərəliyevin adını daşıyıb. Bu rayona Cavad xanın adının verilməsi də çox gözəl olardı. Azərbaycanda bir ara çox ağıllı iş görüldü, bir çox rayon adları dəyişdirildi. Qədim adlar bərpa olundu. Qəbələnin, Biləsuvarın qədim adı bərpa olundu. Bu gün də Xanlar rayonu haqqında çox söhbət gedir. Onun da qədim adının bərpa olunması və ya yenidən adlandırılmasından söhbət gedir. Amma bir məsələ də var. Bunu millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Azərbaycanın çox böyük bir şəhəri də Əli Bayramlının adını daşıyır. Bu şəhərin də qədim adının qaytarılması məsələsini, yəqin ki, yerli camaat qaldırar. Bu məsələyə əgər Milli Məclis girişibsə, bunun üstündən sükutla keçməsin. Azərbaycana yad olan, Azərbaycana dəxli olmayan adlar ləğv edilsin. Köhnə adlar bərpa edilsin. Bir ara bu məsələ qaldırıldı və çox uğurla da həll olundu. Mən Xanlar rayonunun adının dəyişdirilməsinə, Cavad xanın adının verilməsinə çox sevinərdim, o cümlədən Əli Bayramlı şəhərinin adının da dəyişdirilməsinə sevinərdim və millət vəkillərini də buna çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Artıq ikinci iclasdır ki, yer adlarının dəyişdirilməsi ilə bağlı millət vəkilləri arasında yetərincə maraqlı diskussiya gedir. Bu da təbiidir. Bununla bağlı mənim bir az fərqli fikrim var. Mən Azərbaycanda müəyyən zaman kəsiyində bu və ya digər şəkildə orada məskunlaşan əhalinin adı, həyatı, məişəti, milli xüsusiyyəti ilə adlanan yer adlarının dəyişdirilməsinin tərəfdarı deyiləm. Bir şərtlə ki, orada erməni adı olmasın, çünki tarix tarixdir. Tarixi dəyişməyə bizim haqqımız yoxdur. Tarix olduğu kimi də qalmalıdır. Tarix olduğu kimi də yazılmalıdır. Təəssüf edirəm ki, biz bu məsələləri bir sıra hallarda kampaniya şəklində həyata keçiririk. Bir sıra problemlər əmələ gəlir. Əlbəttə, istənilən bir adın bu və ya digər kəndə verilməsinin elmi əsası heç cür ola bilməz. Orada müəyyən subyektiv meyarlar, məqamlar var. Ona görə də, görürsünüz, yerlərdən gələn təkliflər ən müxtəlif şəkildə millət vəkillərinin haqlı narazılığına səbəb olub və bu məsələyə peşəkar şəkildə yanaşılması, təhlili üçün israrlı fikirlər söylənilir. Mən də buna tərəfdaram.
Bununla bağlı, hörmətli cənab Sədr, millət vəkillərinin adından və eyni zamanda, mümkündürsə, öz adınızdan belə bir komissiyanın yaradılması tələbi ilə çıxış eləyin. Bu komissiya mötəbər olmalıdır. Bu komissiyaya tarixçilər, coğrafiyaçılar, toponimikanı bilən insanlar, dilçilər cəlb edilməlidir və bütün bu məsələ Azərbaycan səviyyəsində sistemli şəkildə öz həllini tapmalıdır. Məsələn, mənim seçilmiş olduğum 60 saylı Salyan seçki dairəsində, görün, hansı adlar var. Pambıqkənd, Yolüstü, Peyk, Varlı, Aydıngün və sair. Bunların Azərbaycan xalqı ilə nə əlaqəsi var? Nə tarixlə, nə də xalqın adət-ənənələri ilə əlaqəsi var, heç bir məsələyə aidiyyəti yoxdur. Birinci sovxoz, ikinci sovxoz, üçüncü sovxoz adlanırdı, sonra da bu adlar dəyişdirilərək dediyim adlar verilibdir. Bu cür hallar çox yerdə var.
Mən dəfələrlə burada məsələ qaldırmışam. Bu gün yenə də onun üzərində dayanıram ki, vaxtilə Ermənistandan deportasiya edilən, bu gün 1500-2000-ə yaxın evi olan bir kəndin adı yoxdur. Adı belə gedir: “Ramanı südçülük zavodu”. Nə süd var, nə də sovxoz. Ancaq Ramana südçülük zavodu qalıbdır. Bu ərazi indiyə qədər özünün inzibati həllini tapmayıb. Belə kəndlər Bakıda kifayət qədərdir. Dəfələrlə bunun üstündə dayanmışıq. Ona görə də mən düşünürəm ki, bu məsələlərə ciddi yanaşmalıyıq. Millət vəkillərinin burada söylədikləri iradlara mən də qoşuluram. Təbii, biz bunları qeyd etməliyik ki, ayrı-ayrı məqamlarda Azərbaycan xalqının tarixində bu və ya digər şəkildə bu cür itkilər, unutmalar olmasın. Yenə də düşünüb-daşınmaq lazımdır. Elə etmək lazımdır ki, Azərbaycan tarixi yazılı ədəbiyyatda qaldığı kimi, yer adları da bu və ya digər şəkildə tarixdə öz əksini tapmalıdır, çünki dünəni bilmədən, təhlil etmədən gələcəkdə daha yüksək uğurlar, nailiyyətlər əldə etmək çox çətindir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir ildən artıqdır ki, biz Milli Məclisin iclaslarını keçiririk. Mütəmadi olaraq iclaslarda müəyyən inzibati ərazi vahidlərinin yaradılması və adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxmışıq. Hamısı da müəyyən mübahisədən sonra təsdiq olunur. Amma son iclaslarda hiss olunur ki, bu məsələ çox ciddiləşib. Əvvəla, adların dəyişdirilməsi ilə əlaqədar qeyd edərdim ki, bunu tarixçilər də dedilər, bu çox dəqiq və ciddi məsələdir. Tarixçilər hər bir adın dəyişdirilməsi ilə əlaqədar araşdırmalar aparıb rəylərini Toponimiya komissiyasına verməlidirlər. Xahiş edərdim ki, gələn dəfə əgər belə məsələlər olarsa, bizə mütləq Toponimiya komissiyasının rəyini təqdim etsinlər. Bu adlar hansı əsaslarla dəyişdirilir, yeni inzibati ərazi vahidləri yaradılır?
İkinci əsas məsələ bu inzibati ərazi vahidlərinin yaradılması ilə əlaqədardır. Əvvəla, inzibati ərazi vahidlərinin yaradılması, yəni bir kəndin bölünüb iki inzibati ərazi vahidi yaradılması nəyə əsaslanır? Hansı normativ sənədlər, normativ aktlar var? Həmin kənddə bu gün nə qədər əhali yaşayır ki, biz həmin kəndi iki yerə bölürük, iki inzibati ərazi vahidi yaradırıq? Bu sənədlər hamısı Milli Məclisin deputatlarına paylanmalıdır. Biz qərar çıxaranda, heç olmasa, əlimizdə bir sənəd, xüsusi ilə də Toponimiya komissiyasının rəyi olmalıdır.
Mən başa düşürəm, Azərbaycanda, kəndlərdə inkişaf var, müəyyən işlər görülür. Amma bu inzibati ərazi vahidlərinin yaradılması əlavə büdcə xərclərinə gətirib çıxarır. Hər bir kənddə inzibati ərazi vahidi yaradılırsa, icra nümayəndəliyi, bələdiyyə və onların aparatı təşkil olunur. Bunların hamısı faktiki olaraq dövlət büdcəsindən maliyyələşir. Digər tərəfdən onların fəaliyyət göstərməsi üçün müəyyən texnika, avadanlıq, o cümlədən binalar və sair təşkil olunmalıdır ki, bu da hamısı büdcədən maliyyələşən təşkilatlardır. Ona görə də belə məsələlər Milli Məclisə çıxarılanda, mən xahiş edərdim ki, komissiya bu məsələləri Maliyyə Nazirliyi ilə razılaşdırsın ki, büdcə ilə əlaqədar heç bir problem yaranmasın. Mən hesab edirəm ki, bu ciddi məsələni biz Toponimiya komissiyasının rəyi ilə, bütün normativ aktlarla bir yerdə müzakirə etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, qanun layihəsi buraya gəlibsə, deməli, razılaşdırılıbdır. İnzibati ərazi vahidlərinin yaranması, inkişafı necə olmalıdır? Büdcədə bunlar nəzərdə tutulmalıdır, yəqin ki, Maliyyə Nazirliyi nəzərdə tutub. Milli Məclisin iclasına çıxarılana qədər Toponimiya komissiyasında bunun üzərində işlənilib. Arif müəllim bu suallara cavab verər. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir neçə gündür ki, yer adları ilə bağlı müzakirələr aparılır. Deputat həmkarlarım məndən inciməsinlər, hər kəs daha çox vətənpərvər olduğunu nümayiş etdirməyə çalışır. Bu məsələlərə müxtəlif faktlarla, müxtəlif kontekstdən yanaşırlar. Mən hesab edirəm ki, hər hansı bir məsələni qaldıranda bunun fundamental əsası olmalıdır. 70 illik bir tarixin üstündən xətt çəkirik, sonra götürürük ki, filankəsin babası ölməmişdən qabaq vəsiyyət eləyib, bu kəndin adı belə olmalıdır. Hazırda isə onun ya oğlu icra başçısıdır, ya da nəvəsi icra nümayəndəsidir və həmin əhalinin mənəviyyatı ilə bağlı məsələlər tamam dəyişdirilir, heç bir fundamental əsası olmur.
Xanlar rayonunun adı ilə bağlı fikirlərə mən qulaq asdım. 100 ilə yaxındır, bu rayonun adı belə gedir. Xanlar Səfərəliyev erməni deyil, azərbaycanlıdır. 70 il camaat onun qəbrinə gedib gül qoyubdur. Onda, gəlin, Böyük Vətən müharibəsində iştirak eləyənlərin hamısını vətən xaini elan edək. Sosialist əməyi qəhrəmanlarının ordenlərini geri alaq, Sovet İttifaqı qəhrəmanlarının heykəllərini sökək. Həmin vaxtlarda insan vətənin müdafiəsini bu cür başa düşüb. Onları vadar eləyə bilmərik ki, 70 ildən sonra sən belə olmalısan. İndi kim nə bilir ki, bu gün burada oturanlar haqqında 70 ildən sonra nə deyəcəklər? Deyəcəklər, düz yoldadırlar, əyri yoldadırlar, hansı yolu seçmişlər? Biz addım atanda müəyyən məsələlərə müxtəlif prizmadan yanaşmalıyıq.
Bir vaxtlar heykəllərin sökülməsi dəbdə idi. Azərbaycanda olan bütün heykəlləri sökdülər. Aidiyyəti oldu-olmadı, bunun məsələyə dəxli var, yoxdur. Karl Marksın heykəlini Azərbaycanda sökdülər. İndi isə deyirlər ki, Karl Marks bir çox iqtisadi nəzəriyyələrin müəllifidir. Mən dünyanın bir çox ölkələrində olmuşam, istər Almaniyada, istərsə də başqa-başqa ölkələrdə həmin abidələr qalır. Sadəcə, bu abidələrə yanaşma prizması dəyişir. XII Qızıl Orduya heykəl qoyulmuşdu. Bəli, buna yanaşma prizması dəyişilməlidir. Biz gənc nəsilləri tərbiyə eləyib göstərməli idik ki, bax, bu ordu Azərbaycanı işğal eləyib. Ona işğalçı bir ordu kimi baxmalı idik. İndi XII Qızıl Ordunun işğalı da yaddan çıxıb. Heç orta məktəblərdə də tədris olunmur. Bu məsələlər yavaş-yavaş insanların yaddaşından silinib gedir. Təhsil sistemində də bir sıra dəyişikliklər edilir, hərə öz ixtisasının dalınca düşür və ümumi anlayışlar sistemi də pozulur.
Məsələ qaldırırıq ki, bu ad belədir, dəyişək, o biri ad elədir, belə qoyaq. İnsanlar neçə illərdir, bu adla yaşayırlar, fəaliyyət göstərirlər. Birinin şəhadətnaməsində, digərinin attestatında, pasportunda bu adlar var. Hər dəfə yer adları dəyişildikcə biz tariximizi dəyişirik. Gələcəkdə bir məsələni sübut etməkdən ötrü sənəd göstərməliyik və yaxud da arxivlərə getməliyik. Ona görə hesab edirəm ki, hər belə dəyişikliyi bəh-bəhlə, əl çalmaqla, qarşısına bir “milli” sözü yazmaqla və yaxud kampaniya xarakterində qəbul etməməliyik. Dəqiq analiz etdikdən sonra bu dəyişiklikləri aparmalıyıq. Hər dövrün öz qiyməti var. Hər dövrün özünün qiymətli insanları olub. Bu dövrdə yaşayan vətən xainidir, digər dövrdə yaşayan qəhrəmandır? Bu nöqteyi-nəzərdən yanaşmaq olmaz. Ola bilər ki, bu məsələlərdə ziddiyyətli fikirlər də var. Əlbəttə, hər deputatın öz fikri var, öz yanaşması ola bilər. Amma mən hesab edirəm ki, bu yanaşma ağıllı, düzgün olmalıdır. Hər bir şəxsin bu məsələlərdə pafosla danışması düzgün deyil. Bu məsələlərə ağılla yanaşılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən qısa danışmaq istəyirdim, çünki müzakirə olunan məsələyə münasibətimi bildirməyi özümə borc bilirəm. Hər bir xalqı, hər bir milləti bu dünyada tanıdan birinci növbədə onun qurduğu, yaratdığı müstəqil dövlətdir. Biz Azərbaycan xalqıyıq, Azərbaycan türkləri olaraq qurduğumuz müstəqil dövlətlə fəxr edirik. İkinci, hər bir xalqı onun ölüm-dirim döyüşünə qalxmış qəhrəmanları tanıdır. Cavad xan da belə qəhrəmanlardandır. Cavad xan kimi olum və ya ölüm döyüşünə qalxmış, həlak olmuş qəhrəmanımızı əbədi olaraq yaşatmaq bizim borcumuzdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova. Bununla da müzakirələri bitiririk, çünki müzakirələr çox uzun gedir.
G. Əhmədova. Təşəkkür edirəm. Mən iki cümlə ilə fikrimi bildirmək istəyirəm. Bayaq Siz qeyd elədiniz, cənab Sədr, Azərbaycanda kifayət qədər yeni yaşayış məntəqələri yaranır. Şübhəsiz ki, Cavad xanın adının əbədiləşdirilməsi haqqında fikirləşmək lazımdır. Amma Siyavuş Novruzovun fikirlərini tamamilə və büsbütün dəstəkləyirəm və güman edirəm ki, bu cür baxış Azərbaycan tarixinə ən böyük, doğru və düzgün baxışdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələr bitdi. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Sual verəcəkdim, amma Cavad xan söhbəti ortaya çıxanda bir cümlə demək istərdim. Doğrudan da, Cavad xanın adını əbədiləşdirmək istəyiriksə, Qazaxıstandan nümunə götürək, bir “Köçərilər” filmi üçün 35 milyon pul ayırmışdılar. Biz də “Cavad xan” filmi çəkirik, 800 min pul ayırıblar. Normal pul ayıraq, gözəl film çəkək, dünya tanısın ki, belə bir adam var. Bu mənim iradımdır, həm də arzumdur. Bunu büdcə müzakirə olunanda da demişdim, hələ nəticəsi yoxdur. Oqtay müəllim, Sizdən xahiş edirəm, bu məsələdə kömək edəsiniz, şəxsən buna güman edirəm, imkanımız da var, dövlətin buna imkanı da var.
Digər məsələ ilə bağlı bütün millət vəkillərinə sual vermək istəyirəm. Hörmətli həmkarlarım, yer adları, bir kəndin ayrılması ilə bağlı məsələlər hər dəfə ciddi müzakirəyə çevrilir. Doğrudan da, hamı narahatdır ki, təsadüfi küçə adları, təsadüfi yer adları yaranmasın, hər kəs qohumunun, əqrəbasının adını gətirib kəndlərə, küçələrə verməsin. Amma mən sizdən soruşuram: insanın öz adı, soyadı kənd məsələsindən kiçik məsələdir? Biz millət olaraq dövlətimizi qurmuşuq. 100 il bundan əvvəl ruslar yamaq olaraq bizim dədə-babalarımızın adına “ov” şəkilçisi yapışdırıblar və biz 100 ildir, bunu ağır yük kimi daşıyırıq. Qanun da qəbul olunub. Niyə millət vəkilləri familiyalarının, soyadlarının milliləşdirilməsi haqqında düşünmürlər? Sizə VVAQ “yox” deməyəcək, sizin qarşınızda heç bir maneə yoxdur. İdmançılarımız xaricdə gedib qələbələr qazanırlar, kürsüyə qalxanda onun familiyasının sonunda “ov” deyiləndə mən xəcalət çəkirəm. Amma milli familiya deyilən vaxtlar mənim ürəyim dağa dönür. Bu haradan başlanmalıdır? Mən arzu edirəm, bu mənim bayram arzumdur ki, 2007-ci il başlayanda, millət vəkilləri hamısı buraya milli soyadla gəlsinlər. Familiyasının sonundakı “ov” şəkilçisini götürüb, “lı”, “oğlu” yazın. Heç kimin adının, familiyasının dəyişdirilməsindən söhbət getmir. Dədə adı da, baba adı da qalır. Milli Məclis bu məsələdə örnək göstərsin. Əlifba islahatına keçid də belə oldu. 2001-ci ildə mərhum Heydər Əliyev bir sənədlə hər şeyi həll elədi. Xahiş edirəm, qətiyyətli addım atılsın və bu məsələ həll olunsun.
Sədrlik edən. Arif müəllim, xahiş edirəm, bəzi sualları cavablandırın.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. Əslində, buradakı sualların hamısına cavab vermişəm. Ancaq Musa Quliyevin sualı ilə başlamaq istəyirəm ki, komissiya hansı məsuliyyətlə və hansı ciddiliklə bu məsələyə baxır? Mən demək istəyirəm ki, çox məsuliyyətlə və ciddiliklə bu işə baxmışıq. Bu işdə kiminsə arzusu, kiminsə istəyi əsas deyil, qanunumuz var. Bu fəaliyyəti normalaşdıran qanun var. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun çərçivəsində bu məsələyə baxılır. Sizə deməliyəm ki, bu məsələlər hələ 2004-cü ildən qaldırılıb. Həmin məsələlərə baxılması texnologiyası da belədir ki, yerlərdə bələdiyyə səviyyəsində bu məsələlərə sonra rayon icra hakimiyyəti tərəfindən baxılır. Bundan sonra Toponimiya komissiyasına müraciət edirlər, komissiya buna razılıq verəndən sonra icra hakimiyyətində baxılır. İcra hakimiyyəti bunu Prezident Aparatına göndərir. Prezident Aparatında bu məsələlər müzakirə olunur. Maliyyə məsələləri, digər məsələlər, hamısı öz həllini tapandan sonra bizə qanun layihəsi göndərilir. Burada da biz müəyyən qədər həmin məsələlərə düzəlişlər veririk. Odur ki, burada ciddilik və məsuliyyət barədə söhbət gedə bilməz.
Yeni adların meydana gəlməsi, ümumiyyətlə, yeni kəndlərin yaradılması zərurətindən irəli gəlir. Şilyan kəndinin əhalisi 7800 nəfərdir. Kəndin uzunluğu 25 kilometrdir. Şilyan kəndinin bir tərəfindən digər tərəfinə getmək problem yaradır. Kəndin içində nə marşrut var, nə tramvay, nə də metro var. Bir arayış üçün kəndli 25 kilometr piyada getməlidir, ya da şose yoluna çıxıb, orada təsadüfi maşınla kəndin digər tərəfinə getməlidir. Sizə deməliyəm ki, Şilyan kəndində 1932-ci ildə iki kolxoz olub. Bu kolxozlar, əslində, müstəqil təsərrüfatlar olub, onların yerləri də bəllidir, klubları da, feldşer-mama məntəqələri də, mədəniyyət evləri də olub. Yeni inzibati ərazi vahidinin yaradılacaq və Qarasu adlandırılacaq. Qarasuya da etiraz ola bilməz. Biz birinci növbədə həmin obyektləri saxlayırıq. İkinci, orada bütün lazımi infrastruktur obyektlər yaradılacaq. Yeni ərazi inzibati vahidi olandan sonra buna diqqət də artırılacaq, maliyyələşdiriləcək. Bunun o qədər müsbət cəhətləri var ki, mən, sözün doğrusu, belə suallar veriləndə təəccüb qalıram.
Burada məsələ qaldırıldı ki, Təzəkənd yaradılıb, Təzəkənd yaradılmayıb. Təzəkənd qədimdən olan bir kənddir. Onun bazasında Düzqışlaq kəndi yaradılması nəzərdə tutulur. Bilirsiniz ki, bizdə heyvandarlar köçəri olublar. Qış vaxtı qışlaqlarda, yay vaxtı yaylaqlarda yaşayıblar. Qışlaqlarda tövlə ilə bərabər ev də, məktəb də tikilib. Faktiki olaraq burada bir kənd yaradılıb, əhalisi də 1865 nəfərdir. Hər biri böyük kənddir. Ümumiyyətlə, deməliyəm ki, ola bilsin, təkrar eləyirəm, kəndin idarəçiliyini yaxınlaşdırmaq, onun səviyyəsini qaldırmaq, eyni zamanda, əhaliyə xidməti yaxşılaşdırmaq nöqteyi-nəzərindən bunlar hamısı məqbuldur.
Soruşdunuz ki, Xuluf kəndi haradan əmələ gəlib? Əslində, bu kəndin adı Keçilidir, adını qoyaq ya Yuxarı Keçili, ya da İkinci Keçili. Əhali, Allaha şükür, artır. Bundan sonra yaradılacaq kəndlərə Aşağı Keçili, Böyük Keçili, Qərb Keçili deyəcəyik? Xuluf adının əsası da var. Rafael müəllim bu haqda dedi. Xahiş edirəm, bu məsələyə müsbət baxasınız, səs verəsiniz. Toponimiya komissiyası haqqında deyim ki, bizim Toponimiya komissiyamız var. Ola bilsin ki, onun tərkibi kimi isə təmin etmir, bu məsələyə baxmaq olar. Oraya əlavə alimlər daxil etmək olar. Ancaq Toponimiya komissiyası var, bu kəndlərin adlandırılması ilə əlaqədar həmin komissiyanın müsbət rəyi var. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bununla razıyam ki, belə qanun layihələri müzakirə ediləndə Toponimiya komissiyasının nümayəndələri iclasda olsunlar. Doğrudan da, çox vacib məsələdir. İnzibati vahidlərin artması elə inkişafın artması deməkdir. Xahiş edirəm, məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.48 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin altıncı məsələsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr! Bildiyimiz kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun var. Artıq bu qanun neçə ildir ki, işləyir. Bu qanunun bir maddəsi çox ağır nəticələr verirdi. Bu qanunda bütün yataqxanaların özəlləşdirilməsinə yol verilmir müddəası var idi. Həmin müddəaya düzəliş verilib. 6-cı maddənin birinci hissəsində yazılıb: “Tədris müəssisələrinin və internat məktəblərinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir”. İkinci hissədə isə özəlləşdirilməsinə icazə verilən mənzillər haqqında tam məlumat verilir.
Burada iki məqam qanunla təsbit olunub. Həmin mənzillər mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan və faktiki olaraq orada yaşayan sakinlər tərəfindən özəlləşdirilir. Biz bunu bütün qurumlarla müzakirə etmişik və bu gün layihəni Milli Məclisin müzakirəsinə vermişik. Bu layihəni çox adamlar gözləyir. Biz bilirik ki, ailə yataqxanaları var, burada özəlləşdirilməyə imkan verilir. Biz əvvəl bunu müzakirə etmişdik. Burada bəzi məqamlar yataqxanalarda qalan qaçqın, köçkün və digər əhalinin mənafeyinin ziddinə idi. Onlar bu layihə ilə tamam aradan götürülür və burada mənzil fondunun yataqxana hissəsində özəlləşdirmə bu müddəalarla təsbit olunur. Xahiş edirəm, deputat həmkarlarım bu layihəyə səs versinlər.
Sədrlik edən. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məsələ burasındadır ki, mənim dairəmdə bir neçə yataqxana yerləşir. Bu yataqxanalarla bağlı problemlər, belə demək mümkünsə, hər zaman gündəlikdə olan məsələlərdən biridir. Mən təqdim olunan qanunvericiliklə bağlı yeni bir neçə təklif vermək istərdim. Məsələ burasındadır ki, “tədris müəssisələri və internat məktəblərinin” sözlərindən sonra, eyni zamanda, güman edirəm ki, “Elmlər Akademiyasının” sözlərinin də əlavə olunması yerinə düşərdi. Çünki Elmlər Akademiyasının da yataqxanası var və bu yataqxanada aspirantlar və digər elmi işçilər də yaşayırlar. Əgər onlar da mülkiyyətçi kimi nəzərdə tutulacaqlarsa, belə çıxır ki, artıq Elmlər Akademiyası da bu imkandan məhrum olacaq.
İkinci tərəfdən, təqdim olunan maddədə bir qədər əlavə və dəyişiklik etmək lazımdır. Burada yazılır: “Dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra, həmin yataqxanalardakı yaşayış sahələri yalnız mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan və faktiki olaraq orada yaşayan sakinlər tərəfindən özəlləşdirilir”. Burada bir qədər dəqiqləşdirmə aparılmalıdır. Bu gün kifayət qədər insan var ki, artıq yataqxanalarda yaşamırlar, ancaq yataqxanalardakı otaqlar həmin insanların adında qeydiyyatdadır. Yataqxanada həmin adamların ya qohumları, ya tanışları və yaxud qeydiyyatdakı insanlarla əlaqəsi olmayan adamlar yaşayırlar. Burada ya “və” bağlayıcısının əvəzinə “və ya” yazmalıyıq, yaxud da nəzərə almaq lazımdır ki, kirayə müqaviləsi bağlayan bir adam, faktik yaşayanlar digər insanlar ola bilər. Bu, real həyatdır. Bayaq qeyd elədim ki, mənim dairəmdə kifayət qədər yataqxana var, belə demək mümkünsə, ən baş ağrıdan məqamlardan biridir. İnandırım sizi ki, biz qanuna dəyişiklikləri bu variantda qəbul etsək, çox tezliklə şikayətlərlə, məhkəmələrlə, bir sıra məsələlərlə rastlaşacağıq. Belə alınacaq ki, biz kiminsə hüquqlarını qoruya bilməmişik. Ona görə, xahiş edirəm, məqamlar nəzərə alınsın. Hər halda real vəziyyət bundan ibarətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlarım! Mənim çox hörmətli Hadi müəllimə bir neçə sualım var. Birinci sualım ondan ibarətdir ki, müzakirəmizə təqdim edilən qanun layihəsi, səhv eləmirəmsə, ikinci çağırış zamanı Milli Məclisin müzakirəsinə təqdim olunmuşdu. Müəyyən müzakirələrdən sonra gündəlikdən çıxarıldı. Həmin vaxtda təqdim edilən layihə ilə bugünkü layihə arasında fərqi bilmək istərdim.
Bir də, çox hörmətli Hadi müəllim, bilmək istərdim, əgər bu qanun layihəsi qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim olunubsa, nəyə görə subyekt sahibi, möhtərəm Prezidentin imzası sənəddə öz əksini tapmayıb?
İkinci, çox hörmətli Gülər xanımın fikrini davam etdirərək bildirmək istəyirəm ki, dəyişiklikdə əksini tapmış cümlə həqiqətdə gələcəkdə çox böyük fəsadlar törədən, problem yaradan bir neçə məqamlar ortaya çıxa bilər. Əgər bina kimin balansında olmasından asılı olmayaraq, qəza vəziyyətindədirsə, buradakı vətəndaşlara dövlət tərəfindən mülkiyyət hüququnun verilməsi nə dərəcədə düzgündür? Həmin insanların gələcəkdə hansı problemlərlə üzləşdiyini düşünmək lazımdır. Qəza vəziyyətində olan binaların sakinləri ilə kirayə müqaviləsi imzalanaraq onlara özəlləşdirmə hüququ verilsə, müəyyən prinsiplər ortalığa çıxa bilər. Hesab edirəm ki, bu cümlə haqqında dərindən düşünmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hörmətli Elton müəllimin mövqeyini davam etdirərək bir daha bildirmək istəyirəm ki, həqiqətən, bu sənəd ikinci çağırışda parlamentin müzakirələrinə təqdim olunmuşdu və həmin dövrdə çox ciddi fikir ayrılıqları yaratdı. Həqiqətən də, qeyd olunan düzəliş bir sıra əhali qruplarının maraqlarına toxunur. Faktik olaraq nə təklif olunur? Mən istəyirəm, məsələni sadələşdirək. İndi bir neçə tədris müəssisələrini çıxmaq şərti ilə yerdə qalan yataqxanaların özəlləşdirilməsi və beləliklə onların, şəxsi mülkiyyətə verilməsinin leqallaşdırılması prosesindən danışırıq. Amma qeyri-leqal olaraq bu proses gedir. Heç kəs inkar edə bilməz ki, alğı-satqı da baş verir. Bunun, əlbəttə, qeyri-rəsmi həyata keçirirlər.
Məsələn, Soyuducular zavodunun yataqxanasında yaşayan, mənzil növbəsində olan adamların yerləri müxtəlif əhali qrupları, məcburi köçkünlər tərəfindən tutulub və burada qeyri-bərabər vəziyyət yaranıb. Biz deyirdik ki, bir qisim insanlar yataqxanaları özəlləşdirə biləcəklər. Məsələn, tədris müəssisələrində olanlar özəlləşdirə bilməyəcəklər və onlar müxtəlif vəziyyətdə qalırlar. Biz onların hamısının haqqını tanımalıyıq və hətta tədris müəssisələrini də oraya daxil eləməliyik. Qoy özəlləşdirsinlər və versinlər. Gələcəkdə torpaqlar azaq olunarsa, onların hamısı oradan çıxmalı olacaqlar və ya prinsipi belə qurmalıyıq. Soyuducular zavodunda 10 illər ərzində əmək məhsuldarlığı yaratmış, enerjisini xərcləmiş insanın haqqı hər hansı tələbədən az deyil. Ona görə düşünürəm ki, bu məsələ götür-qoy olunmalıdır. Yəni on illərlə haqqı olan insanların, sadəcə, mülkiyyəti özəlləşdirmək hüququndan danışırıq. Ona görə istərdim ki, müvafiq icra orqanları qanunvericilik təşəbbüsü qaydasında sənədini irəli sürənlər bu qanunun nə qədər əhaliyə, insana aid ola biləcəyini, təxminən nə qədər mənzil fondunu əhatə edəcəyini parlament üzvlərinin diqqətinə çatdırsınlar.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Mənim sualım var. Bu mənzillər əvəzsiz özəlləşdiriləcək, yoxsa haqqı ödəniləcək? Layihədə deyilir ki, mənzil kirayə müqaviləsi olan və faktik olaraq orada yaşayan sakinlər tərəfindən özəlləşdirilir. Burada “və” bağlayıcısı onu bildirir ki, həm müqaviləsi olsun, həm də orada yaşasın? Faktik olaraq neçə illər orada yaşayan, amma mənzil müqaviləsi olmayan sakinə bu qanun aid ediləcəkmi? Xahiş edirəm, hörmətli Hadi müəllim bu məsələlərə aydınlıq gətirsin.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanunda bu dəyişikliklərin edilməsi lazımdır. Amma həmkarlarımın qeyd etdikləri kimi bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Burada iki subyektdən söhbət gedir. Biri mənzil fondunun mülkiyyətçisidir, biri də orada yaşayan sakindir. Nəyə görə mənzil kirayə müqaviləsini ortaya atıblar? Ümumiyyətlə, yataqxanalarda heç bir kirayə müqaviləsi yoxdur. Yalnız ailə yataqxanalarında var. Amma digər yataqxanalarda heç vaxt kirayə müqaviləsi olmayıb. Orada yalnız qeydiyyat olur, qeydiyyat ilə insanlar yaşayırlar, müəyyən haqqı ödəyirlər. Bu, böyük narazılığa gətirib çıxaracaq. Mən istəyirəm ki, Oqtay müəllim, “mənzil kirayə müqaviləsi” sözləri bu hissədən çıxarılsın. Burada göstərilsin ki, mənzil fondunun mülkiyyətçisi ilə orada yaşayan sakinlər tərəfindən özəlləşdirilir. Bu “müqavilə” sözü, başa düşürəm, nəyə görə buraya salınır. Yəni orada yaşamayan, yataqxana ilə heç bir əlaqəsi olmayan insanlar bu mənzilləri özəlləşdirə, onlardan istifadə eləyə bilərlər. Amma faktiki yaşayanlar, qeydiyyatda olan insanlar kənarda qala bilərlər. Əsas fikrim bundan ibarətdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada deputat həmkarlarım qeyd etdilər, bu qanun layihəsi ikinci çağırışda parlamentə gəlmişdi və o zaman vaxtı hələ yetişməmişdi. Mən hesab edirəm ki, indi də bunun vaxtı yetişməyibdir. Bu çox böyük gərginliyə gətirib çıxaracaq. Hörmətli Ziyafət müəllimlə mənim yataqxana təcrübəmiz və stajımız bir çox deputatlardan çox olar. Mən tələbəlik illərində, həm sonrakı dövrlərdə yataqxanada yaşamışam və onun çatışan, çatışmayan cəhətlərini və bütün detallarını çox gözəl bilirəm. Yataqxanaların özəlləşdirilməsi ciddi problemdir. Biz ciddi problemlərlə qarşılaşacağıq. Qanun layihəsində göstərilməyib ki, ümumi istifadə yerləri necə özəlləşdiriləcək? Mətbəxi, ya da sanitar qovşağı necə özəlləşdiriləcək? Belə çıxır ki, mətbəxi biri özəlləşdirəcək, sanqovşağı digəri özəlləşdirəcək, bunların münasibətləri necə qurulacaqdır? Qanun layihəsi tam hazırlanmalı, bütün detalları göstərilməlidir, sonra qəbul edilməlidir.
İkinci tərəfdən, ailəlilər və subaylar yataqxanası arasındakı münasibətlər çox ciddidir. Mən etiraf edim ki, bəli, bəzi yerlərdə bunu həll etmək mümkündür, çünki orada uzun müddət – 10-20 il yaşayırlar, qeydiyyatda olurlar, onların əksəriyyəti mənzil növbəsində durur. Artıq zavodlar, fabriklər ləğv olunub, heç kəs mənzil tikmir, mənzil növbəsi də yoxdur, mənzil verilmir. Amma elə yataqxanalar var ki, həmin zavodun fəhləsi olmayan şəxslər burada yaşayırlar. Yataqxanaların əksəriyyətində bu saat vəziyyət belədir. Həmin müəssisədə işləməyən şəxs bir tanışının vasitəsi ilə gəlib burada məskunlaşıbdır. Orada yaşayanlarla münasibətdə özəlləşdirmə hansı sistemlə aparılacaq? Bu, böyük gərginlik yaradacaqdır. Bunun haqqında ətraflı düşünüb, sonra qərar qəbul etmək lazımdır.
Bu özəlləşdirmənin digər qaranlıq məqamları keçən dəfə burada sadalandı. Bəzi yataqxanaların yerləri çox yaxşıdır, yəqin, orada mənzil tikmək istəyirlər, ona görə belə məsələlər ortaya çıxır. Başqa-başqa detallar, variantlar var, bunlar bəllidir. Amma bu gün kifayət qədər Azərbaycan vətəndaşı yataqxanalarda yaşayır, onları bu cür gərginliklə qarşılaşdırmaq olmaz. Bunun düzgün bir variantını tapmaq lazımdır.
Burada qeyd olundu, yataqxanaların əksəriyyətində məcburi köçkünlər yaşayırlar. Qeydiyyatda olan başqa şəxsdir, ancaq biridir, məcburi köçkün yaşayır. Cənab Prezidentin fərmanı var, 1994-cü ilə qədər məskunlaşan məcburi köçkünlər torpaqlar qayıdana qədər öz yerlərindən çıxarılmasın. Mənim adıma özəlləşdiriləcək, ancaq mənim yerimdə məcburi köçkün yaşayacaq? Bu necə olacaq? Yataqxanaların 40-50 faizində bu proses var. Fəhlə yataqxanaları var idi. Digər bir tərəfdən həmin yataqxanaların təminat məsələsi, ümumiyyətlə, yoxdur. Bunları işiq, qazla kim təmin eləyəcək? Bu variantda qalıb. Yaxud onların mənzil kirayəsi hansı formada olacaqdır? Bu məsələləri kompleks şəkildə həll etmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hesab edirəm, Hadi müəllim bu suallara cavab verəcək. Amma Sizin dediyiniz məsələləri mənzil fondu, işıq, qaz idarəsi təmin edəcək. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bizim qanun yaradıcılığımızda dünyanın normal ölkələrində olduğu kimi, lobbiçilik hiss olunur, yəni müəyyən qurumların lobbi fəaliyyəti, təsiri qanunların qəbul olunmasında aydın görünür. Bu qanunun da qəbul olunmasında, görünür, müəyyən dairələrin maraqları var. Başqa yerlər özəlləşdirilib qurtarıb, qalıb yataqxanalar, indi yataqxananı da əridib həll etmək istəyirlər. Bununla da məsələ bitir. Yataqxanalara bir gəlir yeri kimi baxırlar. Bu baxımdan biz növbəti bir yanlışlığa yol verməli deyilik. Vaxtı ilə ailə yataqxanaları var idi. Məsələn, Elmlər Akademiyasının ailə yataqxanası var. Alim uzun illər iki otaqlı mənzilə bənzər şəraiti olan yataqxanalarda qalırdı. Bunları özəlləşdirmək olar. Amma xidmət sahələri üzrə bir otaqda 2-3 adamın yaşadığı yataqxanalar vardır ki, bunların özəlləşdirilməsini təsəvvür etmək olmur. Doğrudan da, həmin yataqxanalarda bu sahənin öz işçiləri yaşamırlar, tamam kənar adamlar yaşayırlar.
Nəzərə alaq ki, biz, ümumiyyətlə, fəhlə sinfini birdəfəlik ləğv etmirik. Zavodlarda işləyən, illər uzunu mənzil gözləyən, hətta yataqxanada yer tapa bilməyən fəhlələr bu gün onlara məxsus yataqxanalarda qaçqınlar, köçkünlər yaşadıqlarına görə dözürlər, səslərini çıxarmırlar. Halbuki əslində qaçqınların problemləri həll olunsa, yataqxanaların əsl sahibləri, fəhlələr gəlib orada yerləşəcəklər. Onda yataqxanaların özəlləşdirilməsindən danışmaq olar, çünki bu yataqxanalar həmin müəssisələrin hesabına tikilib. Biz bu gün yataqxanaları icra hakimiyyətinin ixtiyarına veririk, icra hakimiyyəti müəssisələrin hesabına tikilmiş, müəssisələrə məxsus binaları öz ixtiyarına alır və sonra da nə cür isə komendantların pul alıb yerləşdirdikləri adamları oranın daimi sakini eləyəcək. Məncə, yolverilməz hadisədir. Məndən əvvəl çıxış edən həmkarlarıma qoşularaq, bu məsələlərin diqqətlə öyrənilməsinin zəruriliyini qeyd etmək istəyirəm. Belə vəziyyətdə məmur özbaşınalığı çox vaxt qanunu üstələyir.
Bu yaxınlarda mənim kirayə müqaviləsi ilə bağlı rastlaşdığım bir xırda epizodu sizə danışmaq istəyirəm. Bir nəfər Ermənistandan köçüb, Bakıda yerləşib, vaxtilə bir erməni ilə evini dəyişib, qeydiyyatdan keçib. Bir ildir bu adam sənədlərini rəsmiləşdirə bilmir. Axırda məhkəməyə müraciət edir, məhkəmə onun haqqını müdafiə eləyir. Bu adam mənzildə yaşayır, sənədləri yerindədir, ona məxsusdur. Deməli, Texniki İnventarizasiya İdarəsi onun qeydiyyat şəhadətnaməsini verməlidir. Bir ildir icra başçısı onunla kirayə müqaviləsi bağlamır. Zəng vururam icra başçısına, deyirəm, onun əlində qərarı var, niyə siz ona mane olursunuz, niyə imkan vermirsiniz? Deyir: “Sabir müəllim, məhkəmə onun evə hüququnu təsdiq eləyib, amma məhkəmə yazmayıb ki, biz onunla kirayə müqaviləsi bağlamalıyıq”. Deyirəm, ay qardaş, məhkəmə qərar çıxarıb ki, mən Azərbaycan vətəndaşıyam. Mən vətəndaşlıqla bağlı bütün sənədləri almalıyam, VVAQ şöbəsinə, pasport idarəsinə getməliyəm. Gərək məhkəmə bunun hərəsi üçün ayrı qərar çıxarsın? Bu nə məntiqdir? Məhkəmə sübut eləyir, deyir, mənzil onundur, sən niyə onunla kirayə müqaviləsi bağlamırsan? Bu cür məmurlarımız var. Mən bir saat onunla danışdım. Böyük bir rayonun icra başçısıdır. Yataqxana məsələsində də vətəndaşlar belə özbaşınalıqlarla üzləşəcək. Mən də hesab edirəm ki, bu məsələ diqqətlə öyrənilməlidir. Bundan sonra ilk növbədə ailə yataqxanalarını özəlləşdirmək olar. Qalan yataqxanaların özəlləşdirilməsini tədricən həll eləmək olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Oqtay müəllim, burada bir məsələ də səsləndi. Kirayə müqaviləsi olan və faktiki olaraq, orada yaşayan şəxslərdən söhbət getdi. Burada bu fikir səsləndi. “Mənzil kirayə müqaviləsi” sözlərini layihədən çıxarsaq yaxşıdır, çünki bu, süründürməçilik yaradacaqdır. İnsanlar, faktiki olaraq, orada yaşayır, ancaq mənzil kirayə müqavilələri yoxdur. İnsanları bununla süründürəcəklər ki, sənin belə müqavilən yoxdur. Həm də subyektiv amillər yaranacaq.
İkinci, yataqxanalarda yaşayan xeyli insan bundan yararlana bilməyəcəkdir. Bu məsələyə aydınlıq gətirilməlidir. Hadi müəllim aydınlıq gətirsə, yaxşı olardı. Layihəyə “mənzil kirayə müqaviləsi olan və faktiki olaraq yaşayan” sözləri niyə salınıb? Millət vəkillərinin bəziləri dedilər. Bir adam yaşayır, amma əslində otaq başqa adamın adında qeydiyyatdadır. Bu, nə qədər insanı üz-üzə qoyacaq. Həmin yataqxanaların çoxunda məcburi köçkünlərimiz yaşayırlar. Hadi müəllim bu suala cavab versə, yaxşı olardı. Bu, nə qədər insan deməkdir və hansı gərginlikləri yaradar? Millət vəkilləri bu aspektə toxundular. Məcburi köçkünlərin yaşadıqları tədris müəssisələrinin, internat məktəblərinin yataqxanalarını özəlləşdirə bilməyəcəksiniz, amma başqası özəlləşdirə biləcək. Nə qədər müraciətlər olacaq ki, niyə onlar özəlləşdirə bilirlər, biz özəlləşdirə bilmirik? Yataqxanalarda fəhlələr, tələbələr yaşayırdılar. Torpaqlarımız işğal olunandan sonra köçkünlərimiz yataqxanalarda yerləşdiriliblər. Bu maddə həmin iki qrup arasında nə qədər böyük gərginlik yarada bilər. Hadi müəllim açıqlasın ki, ümumiyyətlə, bu dəyişikliklər nə qədər insanı əhatə eləyir? Hadi müəllim buna bir aydınlıq gətirsin, ondan sonra bir qərar qəbul etmək daha yaxşı olardı. Bunun üzərində təkmilləşdirmə işi aparılmalıdır, yoxsa bunu qəbul etmək mümkün deyil. Dediyimiz suallarla bağlı ciddi məsələlər ortaya çıxacaqsa, insanlar arasında ziddiyyətlər daha da dərinləşə bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Hesab edirəm ki, vaxtında təqdim edilmiş və bu gün cəmiyyətin gözlədiyi bir layihədir. Mənim seçildiyim Mingəçevir şəhərində ona qədər yataqxana var. Adətən, bunlar fəhlə yataqxanası adlanır. Hər dəfə qəbuluma gələnlər yaşadıqları otağın özəlləşdirilməsi ilə bağlı çoxsaylı suallar verirlər. Qeyd edim ki, bizim əksəriyyətimiz yataqxanalarda qalmışıq və Sovet İttifaqı dağıldıqdan sonra dövlət tərəfindən mənzil tikintisi azaldı. Kimin imkanı vardısa, yataqxanadan çıxdı, öz şəxsi mənzilinə köçdü. Amma yataqxanalarda artıq üçüncü nəslin yetişdiyi ailələr var. Onların vəziyyətləri çox ağırdır. Bu maddəyə əsasən özəlləşdirdikdən sonra bir çox ailə həmin mənzili satacaq, ilkin kapital əldə edəcək, sonra sosial ipoteka götürüb mənzil şəraitlərini yaxşılaşdıra biləcəklər. Bu çox müsbət və bir çox insanın xeyrinə olan düzəlişdir.
Amma qeyd edim ki, bu heç də asanlıqla başa gəlməyəcək. Fərdi mənzillərdən fərqli olaraq, yataqxanaların hər bir otağında bir neçə insan qeydiyyatdadır. Qeyd edim ki, bizə təklif edilən variantda mən bir neçə qüsur görürəm. Mənzil kirayə müqaviləsi nə deməkdir? Mən, təəssüf ki, bunu bilmirəm. Bilən adam bu məsələni bizə izah etsin ki, yataqxanada mənzil kirayə müqaviləsi nə deməkdir? Təqribən təsəvvür edirəm ki, nədir. Bununla belə, onun çıxarılmasının əleyhinəyəm. Əgər biz, faktiki olaraq, orada yaşayanları saxlasaq, sabah komendantların, ya müəyyən şəxslərin özbaşınalığına görə böyük narazılıqlar dalğası başlayacaq.
Bu yataqxanaların çoxu artıq çoxdan fəhlə yataqxanalarından ailə yataqxanalarına çevriliblər. Formal olaraq orada pasport qeydiyyatında qalan onlarla insan var. Bəzən bir otaqda, faktiki olaraq, bir ailə, yəni pasport qeydiyyatında olan bir ailə yaşayır. Əlbəttə, orada faktiki yaşayır, mənzil kirayə müqaviləsi var. Belə bir hal yaranacaq, mənzili özəlləşdirən şəxs sonra mənzilində pasport qeydiyyatında olan insanların hamısının çıxarılmasına çalışacaq. Bunun üçün məhkəməyə müraciət edəcək. Təsəvvür eləyirəm ki, artıq çox sayda insanlar yataqxanadan pasport qeydiyyatından çıxarılacaqlar. Bu qanunidir. Kimsə otağı özəlləşdirib, burada isə formal olaraq pasport qeydiyyatında olanlar var. Bu qrup insanlarla bağlı hansı addımları atmaq fikrindəyik? Yəni onlar harada pasport qeydiyyatına düşəcəklər, şəxsiyyət vəsiqəsi alacaqlar? Burada bir çox hüquqi məsələlər ortaya çıxır. Az miqdarda fəhlə yataqxanaları qalıb və bu yataqxanalarda bir otaqda bir neçə nəfər yaşayır. Hər biri yetkinlik yaşına çatıb. Onlar həmin otağı özəlləşdirmək istəsələr, onlardan hansının bu otağı özəlləşdirmək hüququ olacaq? Qanun imkan verirmi ki, dörd nəfər bir otağı özəlləşdirə bilsin? Əgər bunlar öz aralarında razılığa gəlib bir-birlərinə güzəştə getməsə, necə olacaq? Ümumilikdə hesab edirəm ki, bu düzəliş lazımdır, ləngitmək olmaz. Eyni zamanda, müəyyən qüsurlar görünür, bu düzəlişləri etmək lazımdır. Bunu gözləyirlər, bununla da bir çox insan gələcəkdə həyat şəraitini yaxşılaşdıra bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Bu düzəlişlər təqdim edilərkən nə qədər mənzil fondunu, yataqxana fondunu əhatə etdiyini bizə bildirsəydilər, çox yaxşı olardı. Güman edirəm ki, onda bizim təsnifatımız və təsəvvürlərimiz aydın olardı. Təkcə bu qanun layihəsinin yox, digər qanun layihələrinin də təqdim edildiyi zaman ehtiyac duyulan məsələlərdən biridir. O ki qaldı təhsil müəssisələrinə aid olmayan yataqxanaların özəlləşdirilməsi ilə əlaqədar problemə, hamıya aydındır ki, bu yataqxanalar əsas etibarı ilə ayrı-ayrı ailələrin istifadəsinə verilibdir. Bir sıra hüquqi məsələlər imkan vermir ki, onlar istifadə elədikləri həmin mənzil sahələrinin özəlləşdirilməsini həyata keçirə bilsinlər. Bu bir sıra ciddi problemlər yaradır.
Problemlərin biri bundan ibarətdir ki, yataqxanaların sahibi olan, mülkiyyət hüququ olan müəssisələr həmin yataqxanaları saxlamaq iqtidarında olmadığına, həmçinin bunlardan səmərəli istifadə edə bilmədiyinə görə müvafiq icra hakimiyyəti orqanlarına verilir. Müvafiq icra hakimiyyəti orqanları isə istifadə olunan mənzil fondunun özəlləşdirilməsinin hüquqi mexanizmi olmadığına görə onları vaxtında özəlləşdirə bilmirlər. Beləliklə, faktiki olaraq, insanlar orada yaşayırlar, yataqxanadan istifadə edirlər, amma bir sıra kommunal problemlər və mənzillərin hüquqi problemlər həllini tapmır. Yataqxanalar dağılır, sökülür, işıq, qaz, su pulunu vermirlər, çünki bütün bunların hamısı ümumi yataqxana istifadəsi kimi gedir.
Yataqxana fondunun dağılmasının qarşısını almaqdan ötrü lazımlı tədbirlər görülməlidir. Digər tərəfdən bu, müvafiq orqanların möhtəkirlik etməsinə rəvac verir. Beləliklə, bir gün biri mənzil fondundan istifadə edir, sonra başqasını gətirirlər və sair. Bəlkə də 10 ildən çoxdur ki, orada qeyri-rəsmi yaşayan sakinlər hüquqlarını rəsmiləşdirə bilmirlər. Problemlər həmişə olacaq. Bu problemin asanlıqla həll olunmasını düşünmək sadəlövhlük olardı. Bu düzəlişləri etdikdən sonra həddən artıq gərgin vəziyyətdə olan münasibətləri tənzimləmək imkanı yaranacaq.
Ümumi istifadə üçün yerlər və digər məsələlər öz həllini tapacaq. İllər boyu kommunal mənzillər deyilən mənzillərdə də bu olubdur. Bütövlükdə bu, məsələni gündəlikdən çıxarmaq üçün əsas vermir. Hesab edirəm, burada bizi düşündürə biləcək bir məsələ ola bilər ki, o da, sadəcə olaraq, bu düzəlişlərdən sonra bəzi adamların sui-istifadə etməsinə rəvac verməkdir. Güman edirəm ki, “faktiki olaraq yaşayan” sözlərini biz əvvələ gətirməklə, özəlləşdirmə hüququnun məhz bu kateqoriya insanlara aid olduğunu təsbit eləməklə düzəlişi təsdiq eləyə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Təbii, ortalığa bu qanun layihəsi ilə bağlı müəyyən suallar çıxır. Bu suallar da istər-istəməz çıxış etmək üçün əsas verir. Mən, bəli, ona tərəfdaram ki, bu gün tədris müəssisələri və internat məktəblərinin yataqxanaları ayrı-ayrı yataqxanalar istisna olmaqla özəlləşdirilməlidir. Uzun illər boyu o müəssisədə çalışan, işləyən insanlar həmin yataqxanada yaşayırlar, bu yataqxanaları onların adına özəlləşdirmək olar. Əgər söhbət hazırda orada yaşayan insanlardan gedirsə, bu çox yaxşıdır. Mən təkrar da olsa, deməliyəm ki, özlərinin iradəsindən asılı olmayaraq soydaşlarımız ata-baba yurdlarından didərgin düşüblər və məcburi olaraq həmin yataqxanalarda məskunlaşıblar. O yataqxanalarda ki onlar məskunlaşıblar, müəssisələrdə işləyən fəhlələr məhz həmin yataqxanalarda yaşamağa ümid bəsləyirdilər. Hadisələr onlara imkan vermədi ki, onlar köçüb yaşasınlar. Bəs onlar necə olacaq?
İkinci tərəfdən, faktiki olaraq, yataqxanalar məcburi köçkünlərin adına özəlləşdirilirsə, bəs həmin vətəndaşların hüququ hansı şəkildə qorunacaq? Onların yerini, həmin yataqxanaları və mənzilləri məcburi köçkünlər tutublar. Gələcəkdə məcburi köçkünlərin ata-baba yurdları işğaldan azad edildikdən sonra bu hər hansı bir problem yaratmayacaqmı? Təbii, bu cür suallar meydana gəlir. Düşünürəm ki, bu məsələlərə də aydınlıq gətirilməlidir. Növbəti təşəbbüslərdə bununla bağlı dəyişikliklər və əlavələr verilməlidir ki, həmin məsələlər də problemlər yaratmasın.
Siz mənimlə razılaşarsınız, hər hansı qanunu qəbul edərkən bu və ya digər problemi həll etmək iradəmizi ortaya qoyuruq. Təbii olaraq, ölkə Prezidenti də bu iradə ilə çıxış edir. Lakin düşünürəm, bu və ya digər problemi həll edəndə çalışmalıyıq ki, əlavə problem ortaya çıxmasın. Ehtiyat edirəm ki, bu dəyişikliklər gələcəkdə əlavə problemlər yaratsın. Bu məni bir az ehtiyatlandırır. Lakin bütövlükdə mən bu qanun layihəsinin müzakirəsinin müsbət sonluqla bitməsinə tərəfdaram və buna öz müsbət münasibətimi bildirəcəm. Arzulayardım ki, bu iradlar hörmətli Hadi müəllim tərəfindən izah edilsin və buna aydınlıq gətirilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim sualları cavablandırsın, əgər cavablar qane eləməsə, müzakirələri yenə davam etdirərik. Amma, xahiş edirəm, suallara konkret cavab verilsin.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məsələnin, həqiqətən də, müzakirə mövzusu olacağını dünən Sizin yanınızda olan müşavirədə qeyd etdiniz. Biz Sizin iradlarınızdan sonra bir daha qanunvericilik təşəbbüsü subyekti ilə məsləhətləşdik. Bu məsələ ilə məşğul olan qurumlarla bəzi sualları müzakirə etdik. Həqiqətən, düşündürən məsələlərdən biri odur ki, əvvəlki variantı…
Sədrlik edən. Əvvəlki variant haqqında deməyiniz çox lazımdır. Suallardan biri bu haqda idi.
H. Rəcəbli. Mən bildirmək istəyirəm ki, parlament bu layihəni qəbul eləməyib. Elə ona görə etməmişdik ki, qaçqın və köçkünlərin mənafeyinə toxunula və digər narahat məsələlər yarana bilərdi. Bunu qaytaran məhz komissiya, eyni zamanda, parlament olub. Birinci variantı biz qaytarmışıq. Əlbəttə, 2003-cü ilin oktyabrında daxil olan sənəddir. Düzəliş təxminən belə idi. Mən bunu oxusam, vaxt alacam. Oxumağa ehtiyac varmı?
Sədrlik edən. Var.
H. Rəcəbli. “Dövlət idarə və müəssisələrinin mülkiyyətində olan yataqxanalar (tədris müəssisələri, internat yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri kommunal şəraitin imkan verdiyi hallarda özəlləşdirilir, digər hallarda dövlət mülkiyyətində saxlanılır və bələdiyyə mülkiyyətinə verilir”.
Sədrlik edən. Yəni, əsasən, ailə yataqxanalarından söhbət gedir.
H. Rəcəbli. Bəli, burada dövlət qeydiyyatında olan dövlət idarə və müəssisələrinin yataqxanalarından söhbət gedir. Belə olan halda təsəvvür edin ki, heç bir yataqxananın kommunal şəraiti yoxdur. Bayaq deyildiyi kimi, qaçqın və köçkünlərin mənafeyinə toxunulmadan bu məsələ digər formada həll oluna bilərdi. Mən hörmətli Əli müəllimin fikri ilə tamamilə razıyam ki, birinci növbədə, faktiki olaraq, orada yaşayanlar əsas götürülməlidir. İkinci halda müqavilə əsas götürülür. Dedilər ki, faktiki yaşayanlarla istənilən məqamda müqavilə bağlamaq mümkündür. Yəni onlarla müqavilə bağlamaq heç bir narahatlıq yaratmır. Əli müəllim dedi ki, “faktiki” sözünü “kirayə müqaviləsi” sözlərindən qabağa yazmaq lazımdır. Biz bu cür eləyəndə faktiki yaşayanlara üstünlük veririk. Belə olan halda, Oqtay müəllim, faktiki orada yaşayan qaçqın və ya köçkünün mənafeyi qorunur.
Suallardan biri Milli Elmlər Akademiyasının yataqxanası haqqında idi. Buraya diqqət yetirsələr, 6-cı maddənin birinci abzasında belə bir cümlə var: “…qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərdə evlərin, mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir”. Xidməti mənzillərin biri də Elmlər Akademiyasının, hərbi qulluqçuların xidməti yataqxanalarıdır. Ola bilsin ki, digər qurumların da xidməti yataqxanaları və mənzilləri var. Bu mənzillərə birmənalı aid deyil.
Burada çoxlu fikirlər səsləndi, pul məsələsinə də toxunuldu. 3-cü maddədə yazılıb ki, mənzillər pulsuz özəlləşdirilməlidir. Burada bir məsələ də daha çox müzakirə olundu. Oqtay müəllim, söhbət dövlət mülkiyyətində olan yataqxanalardan gedir. Müəssisənin yataqxanası varsa, buna aid deyil. Özəl müəssisənin də yataqxanası ola bilər. Bu düzəliş özəl müəssisələrin yataqxanalarına aid deyil.
Qənirə xanım soruşdu ki, dövlət mülkiyyətində neçə yataqxana var? Bu gün Azərbaycanda 113 yataqxana dövlət mülkiyyətindədir. Bu 113 yataqxanadakı mənzilləri özəlləşdirmək üçün müraciət eləyən adamlar var. Mən demək istəyirəm ki, əvvəlki variantın qaytarılmasının əsas səbəbi qaçqın, köçkün məsələsi idi. Onların mənafelərinə toxunulmaması birmənalı olaraq qəbul olundu. Bəli, orada yaşayan adama toxunmaq olmaz. Mən dedim, bu, zavodların yataqxanalarına aid deyil. Müəssisələrin yaqaxanaları, bayaq dediyim kimi, qalır. Mən demək istəyirəm ki, həqiqətən, bu məsələ bir neçə dəfə qanun yaradıcılığı təşəbbüsü subyekti ilə müzakirə olunub. Eyni zamanda, bu işlə məşğul olan adamlarla da biz söhbət eləyirik.
Bayaq Aydın müəllim çox düzgün dedi. Mənə də müraciət edib bu barədə soruşurlar. Ailələr yaşayan yataqxanalar var. Orada yaşayanlar gözləyirlər ki, nə vaxt bu məsələ həll olunacaq. Təsəvvür edin, 113 yataqxanada təxminən nə qədər ailə yaşayır. Bu, çoxdan gözlənilən bir sənəddir. Dönə-dönə Prezident Aparatından müraciətlər olub ki,bu niyə yubanır? Biz də bunun son variantını belə müzakirə eləmişik. Amma mən tam razıyam ki, “faktiki olaraq” sözlərini önə çıxaranda burada uyğunsuzluq əmələ gəlir.
Sədrlik edən. Ziyafət müəllim düzgün dedi. Təkcə “faktiki” sözü yox, “faktiki olaraq yaşayan və ya kirayə müqaviləsi olan sakinlər” sözləri olmalıdır.
H. Rəcəbli. Baş üstə! Oqtay müəllim, onu da nəzərə alarıq.
Sədrlik edən. Mənə elə gəlir ki, sualların bəziləri cavablandırıldı. Əgər suallar varsa, verin. Miri müəllim, buyurun.
M. Qənbərov. Yataqxanaların altındakı, həyətindəki torpaqların taleyi necə olacaq? Sağ olun.
Sədrlik edən. Torpaq dövlət mülkiyyətidir və özəlləşdirilmir. Sabir Hacıyev.
S. Hacıyev. Mən bir balaca düzəliş etmək istəyirəm. Qanunda düzgün yazılıb, “və” olmalıdır, “ya” olanda ikisindən birini bildirir. Ola bilər ki, kiminsə müqaviləsi var, amma faktiki orada yaşamır. Onda o da mənzili özəlləşdirə biləcək. Ona görə də burada əsas kimi sakinin faktiki olaraq yaşaması götürülməlidir.
Sədrlik edən. Birincisi, sakinin, faktiki olaraq, yataqxanada yaşamasıdır. Kiməsə üstünlük verilməlidir.
S. Hacıyev. “Ya” bağlayıcısı ya o, ya bu deməkdir. Amma hər ikisi olmalıdır. Əvvəl sakin faktiki yaşamalıdır, müqaviləsi yoxdursa, onunla müqavilə bağlanmalıdır. Amma “ya” yazmaq o deməkdir ki, ya faktiki yaşayır, ya da ancaq müqaviləsi var, faktiki yaşamır. Amma “və” bağlayıcısı olanda məsələ mütləq öz həllini tapacaq. Sakin həm faktiki olaraq yaşamalıdır, həm də onunla müqavilə bağlanmalıdır.
Sədrlik edən. Onda Siz deyən kimi olarsa, bir sakin faktiki olaraq yaşayırsa, digərinin isə müqaviləsi varsa, mənzil kimə verilməlidir?
S. Hacıyev. Əsas fakt ondan ibarətdir ki, faktiki yaşamalıdır və onun müqaviləsi olmalıdır. Amma “ya” yazanda, ola bilər ki, müqaviləsi olsun, amma orada yaşamasın. Onda necə olacaq? Qanunvericilikdə nəzərdə tutulub ki, kimin müqaviləsi varsa, amma orada yaşamırsa, ona ev düşmür. Deməli, qanunvericilikdə nəzərdə tutulub ki, sakin mütləq orada faktiki yaşamalıdır. Biz “ya” bağlayıcısını götürəndə onlara imkan verməyəcəyik.
Sədrlik edən. Biz də eyni fikri deyirik. Faktiki yataqxanada yaşayan sakinə üstünlük verilməlidir.
S. Hacıyev. “Ya” nə deməkdir? Ya elə, ya belə. “Ya” ola bilməz, “və” olmalıdır. Qanunda düzgün yazılıb. İki xüsusiyyət də öz əksini tapmalıdır. Birinci xüsusiyyətə görə sakin mütləq yataqxanada faktiki yaşamalıdır. İkinci xüsusiyyətə görə onunla müqavilə bağlanmalıdır.
Sədrlik edən. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Mən diqqətinizi “a” bəndinə cəlb etmək istərdim. Layihəyə görə “yataqxanalarda” sözü “tədris müəssisələrinin və internat məktəblərinin yataqxanalarında” sözləri ilə əvəz edilir. Tədris prosesdir, təhsil isə obyektdir. Burada təhsil olmalıdır. Sonra, internat məktəbləri də tədris müəssisəsidir. Ona görə də tədris müəssisəsi yazmaqla bu fikri başa çatdırmaq olar. Elə internat məktəbi yoxdur ki, orada tədris olmasın.
İkinci, bir məsələni də yeri gəlmişkən demək istəyirəm. Təhsil müəssisələrinin nəzdində olan yataqxanalar uzun müddətdir ki, qaçqınlar tərəfindən tutulub. Bu tədris prosesinə çox ciddi təsir göstərir. Bu məsələ də qaldırılmalıdır.
Sədrlik edən. Bu tamamilə ayrı məsələdir.
Ş. Hacıyev. Mən redaktə xarakterli bir tövsiyəmi bildirirəm, “təhsil müəssisəsi” yazılsın. “İnternat məktəblərinin yataqxanaları” sözləri də çıxarılsın. “Tədris” sözü “təhsil” sözü ilə əvəz olunsun, vəssalam. “Təhsil müəssisələrinin yataqxanaları” yazılsın.
Sədrlik edən. Burada mən problem görmürəm, düz fikirdir. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən sual vermək istəyirdim, amma Qənirə xanım məni qabaqladı. Hadi müəllimin cavabını mən başa düşmədim. O deyir ki, məcburi qaçqınlara və köçkünlərə aid deyil. Onda niyə bu məsələ öz əksini tapmayıb? Fikrimi aydın deyə bildim? Burada məsələ qalxdı ki, yataqxanaların çoxu dağılıb gedir. Məndə olan informasiyaya görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin yataqxanaların hamısını təmir etdirir, kommunal xərclərini də ödəyir.
Sədrlik edən. Biz dedik ki, qaçqın və köçkünlər yaşayan yataqxanalardan söhbət getmir. Dövlət mülkiyyətində olan 113 yataqxanadan söhbət gedir.
Qənirə xanım bu məsələdə çox fəaldır. Buyurun, Qənirə Paşayeva.
Q. Paşayeva. Oqtay müəllim, Hadi müəllim mənim sualıma cavab vermədi. Hadi müəllim, dediyiniz 113 yataqxanada nə qədər məcburi köçkün yaşayır? Xahiş eləyirəm, bu suala bir aydınlıq gətirəsiniz. Mən xahiş edirəm, bu suallara cavab verilsin: həmin yataqxanalarda təxminən nə qədər məcburi köçkün yaşayır? Bunu biləndən sonra mənzərə tamam aydınlaşacaq.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Hörmətli Oqtay müəllim, sadəcə, yataqxanaların keçmişdə fəaliyyət göstərən müəssisələrin tabeçiliyindən çıxarılması və onların kimin balansına verilməsi məsələsindən söhbət getdi. Mən konkret olaraq bir nümunəni deyə bilərəm. Bərdə rayonunda bir zaman pambıqçılıq texnikumunun iki yataqxanası olub. Mənim “yataqxana” sözündən heç xoşum gəlmir. Rus dilindən kobud tərcümədir. Ümumi yaşayış yeri olmalıdır. Bu başqa mövzudur. İndi həmin texnikum fəaliyyət göstərmir. Heç onun yerində də hər hansı bir məktəb və sair fəaliyyət göstərmir. Yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Bizim verdiyimiz qanunvericilik onlara şamil olunmalıdır. Məcburi köçkünün və ya başqa vətəndaşdan qanun qarşısında hansı aşağı haqqı var? Mən deyirəm ki, həmin məsələdə sərhədlər dəqiq müəyyənləşdirilmir, bu ciddi sosial gərginliyə səbəb ola bilər. Biz bunu nəzərdə tuturuq. Amma, doğrudan da, on illərlə orada yaşayan və özəlləşdirmə hüququ olan insanlarımız da var. İndi qanunvericiliyi elə tənzimləməliyik ki, onun fonunda başqaları udmasın. Sağ olun.
Sədrlik edən. Kim udur onun fonunda? Ancaq yataqxanada yaşayan insanlar udurlar. İllərlə burada yaşayırlar, yaşadıqları mənzilləri də özəlləşdirəcəklər. Hadi müəllim, xahiş edirəm, bir də konkret izah edin. Qənirə xanım soruşdu ki, özəlləşdirilən əsas yataqxanalar hansılardır?
H. Rəcəbli. Bir qısa arayış vermək istəyirəm. Mən uzun müddət qaçqın və köçkünlərlə bağlı işlərlə məşğul olmuşam. Möhtərəm Prezidentimiz onlarla əlaqədar bir çox sənədlər imzalayıb. Bu yaxınlarda, 1-2 il bundan öncə yenə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı sənəd imzalanıb. Bununla məşğul olan yoldaşlar hamısı bilirlər. Həmin sərəncamda birmənalı yazılıb ki, qaçqın və məcburi köçkünlər tutduqları mənzillərdən, evlərdən və eyni zamanda, yataqxanalardan çıxarıla bilməzlər.
Sədrlik edən. Neçənci ildə imzalanıb?
H. Rəcəbli. Təxminən 2 il bundan qabaq möhtərəm Prezidentimiz qaçqın və köçkünlərin sosial müdafiəsi ilə bağlı bir sənəd imzalayıb. Həmin sənəddə birmənalı şəkildə qaçqın və məcburi köçkünlərin bu hüquqları müdafiə olunur. Bizim qanun layihəsində yazdığımız “faktiki olaraq yaşayan sakinlər” sözləri də bunu ehtiva eləyir.
Sədrlik edən. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çox hörmətli Hadi müəllim, bir daha təkrar edirəm, bu prinsip nəticədə məcburi köçkünlərin Bakı şəhərindən köçürülməsinə mane olmayacaqmı? Mənim sualım konkretdir.
Sədrlik edən. Bu suala cavab verildi.
F. Ağamalı. Hadi müəllim bunu əsaslandırsın, nə üçün xeyr?
Sədrlik edən. Hadi müəllim, xahiş edirəm, bir də əsaslandırın. Qərarın nömrəsini göstərin.
H. Rəcəbli. Fəzail müəllimlə mən danışdım, biz əlaqə saxlayarıq. Oqtay müəllim, bütün sənədlərdə yazılıb ki, qaçqınlar doğma yurdlarına qayıdana qədər onlara toxunmaq olmaz. Torpaqlar azad edilən kimi həmin məsələ öz həllini tapacaq.
Sədrlik edən. Mən hesab edirəm, hamının mövqeyi artıq aydındır. Bir saatdan artıqdır ki, biz bu məsələni müzakirə eləyirik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 78
Əleyhinə 12
Bitərəf 1
Səs verməd 1
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin yeddinci məsələsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədədir. Aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Quliyev. Bu qanun layihəsinə üç komissiyada baxılıb.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlumat vermək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsini rəhbər tutaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə qanun layihəsini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmişdir.
Qanun layihəsində bir neçə qanunla yanaşı, aqrar bölməyə aid olan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 6-cı hissəsinə, 16-cı maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 4-cü bəndinə, 89-cu maddəsinin 4-cü, 5-ci, 7-ci və 9-cu bəndlərinə və 96-cı maddəsinin 5-ci bəndinə əlavələr və dəyişikliklər edilməsi təklif olunur. Belə ki, torpaq qanunvericiliyi aktlarında torpaqların alğı-satqısı, ipotekası və digər əqdlərin bağlanması zamanı torpaq qiymətləndirilərkən onun normativ qiymətindən az olmaması əsas şərt kimi götürülməlidir. Kredit götürən şəxs öz öhdəliyini yerinə yetirmədikdə onun ipoteka predmeti olan torpağın məcburi satış qiymətinin yuxarı olduğuna görə bu bir sıra problemlər yaradır, torpaq ipotekaya qoyularkən kreditin götürülməsi prosesi üçün ciddi maneələr törədir.
Buna görə də həmin problemi həll etmək üçün 2005-ci ildə qəbul olunmuş “İpoteka krediti haqqında” Azərbaycan Respublikası Qanununun 38-39-cu maddələrində göstərilmişdi ki, ipoteka predmeti olan torpaq sahəsinin ilkin qiyməti ipoteka qoyan, yəni torpaq mülkiyyətçisi, ipoteka saxlayan, yəni kreditin təşkilatçısı razılaşması əsasında mübahisə olarsa, müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən olunur. Yəni “İpoteka haqqında” Qanunda ipotekaya qoyulan torpaqların satışını asanlaşdırmaq üçün torpağın qiyməti əvvəlki qanunvericilik aktının ziddinə olaraq normativ qiymətlər nəzərə alınmadan razılaşma yolu ilə müəyyən edilir.
Bu ziddiyyətli məqamları nəzərə alaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbi ilə əlaqədar torpaq qanunvericiliyinə əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulur. Əsasən, torpaq bazarının qiymətləndirilməsinin formalaşması, torpaq bazarının ipotekası, həmçinin torpaq qanunvericiliyinin müvafiq müddəalarının “İpoteka haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlı əlavə və dəyişikliklərdir. Bizim Aqrar siyasət daimi komissiyası Eldar müəllimin rəhbərliyi ilə bu qanun layihəsini geniş müzakirə etmiş və Milli Məclisdə baxılmasını məqsədəmüvafiq hesab etmişdir.
“Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 5-ci hissəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 96-cı maddəsinə aşağıdakı əlavələr olunur: “İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti “ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir”.
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 6-cı hissəsində, 16-cı maddəsinin 5-ci hissəsində və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96-cı maddəsinin 5-ci bəndində “torpaq sahələri” sözlərindən sonra “ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla” sözləri əlavə edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin torpaq sahəsinin girov qoyulmasının xüsusiyyətlərindən bəhs edən 89-cu maddəsinin 4-cü, 5-ci, 7-ci bəndlərinin mətni dəyişilir və aşağıdakı redaksiyada verilir. Bu sənədlər sizə verilib, millət vəkillərində var və bir daha nəzərinizə çatdırıram. 4-cü bənd belə olmalıdır: “Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir”. 5-ci bəndin yeni mətnində deyilir: “Bina, tikili, qurğu və ya daşınmaz əşyaların yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur”. 7-ci bənddə isə deyilir: “Girov qoyan, (ipoteka qoyan) əsas öhdəliyi yerinə yetirmədiyi halda girov (ipoteka) qoyulmuş torpaq sahəsinə müvafiq qanunla nəzərdə tutulmuş qaydada tutma yönəldilə bilər”.
Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi, “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi ilə əlaqədar bu maddənin 9-cu bəndində “girov haqqında” sözləri “ipoteka” sözləri ilə əvəz edilir.
Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.5-ci maddəsi əlavə edilir: “Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qanunlarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “Məcəlləyə 368.3-cü bənd əlavə olunur. Əlavə bəndin başlığında 368.3-cü maddədə göstərilir ki, qanunda başqa müddətlər müəyyən edilməsə, Apellyasiya Məhkəməsinin işi onun məhkəməyə daxil olduğu gündən iki ay müddətinə baxılmalıdır. 414-cü maddənin əvvəlinə “Qanunda başqa müddət müəyyən edilməyibsə” sözləri əlavə edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-4-cü maddəsinə əlavə edilir. İpoteka haqqında qanunvericiliyin pozulması barədə maddədə ipotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və yaxud ipoteka kağızının dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verilməklə maraqlı şəxsə zərər vurulmasına görə 70 manatdan 80 manata qədər cərimə nəzərdə tutulur. Burada 360-cı maddəyə təkcə bir maddənin nömrəsi, yəni “324-4” rəqəmi əlavə olunur. Rayon məhkəmələrində və bu məcəllədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı 324-4-cü maddə də buraya əlavə olunur.
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa 51.3-cü maddə əlavə edilir. Burada deyilir: “Notariatın icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə müstəqil qiymətləndiricinin xidmətlərinin istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir”. Həmin qanuna 57.3-cü maddə əlavə olunur. 57.3-cü maddədə deyilir: “İpoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri müvafiq qanunvericiliklə müəyyən edilir”. Bundan əlavə həmin qanunun 74-cü maddəsinə 3-cü bənd əlavə olunur: “İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür”.
Hörmətli millət vəkilləri, mən qısa çıxışımla layihədə olan əlavə və dəyişikliklər haqqında məlumat verdim. Hesab edirəm ki, qanun layihəsini müzakirədən sonra səsə qoymaq olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Burada qanun layihəsinin III hissəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə edilən əlavə və dəyişikliklər göstərilir. Həmin hissənin 5-ci bəndində deyilir: “Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur”. Nəzərə alsaq ki, bir çox hallarda bina, tikili, qurğu və ya daşınmaz əşyalar, onların yerləşdiyi və ya fəaliyyətini təmin etdiyi torpaq sahələri hələ özəlləşdirilməyib, çox ciddi çətinliklər yaranacaqdır. Bunun mexanizmi necə nəzərdə tutulur?
Sədrlik edən. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Eldar müəllim, lütfən deyə bilərsinizmi, bu faiz nə qədər müəyyənləşib, yəni son variant neçə faizdir?
Sədrlik edən. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli Milli Məclis üzvləri! Müzakirəmizə təqdim olunan qanun layihəsinin V hissəsində İnzibati Xətalar Məcəlləsinə yeni 324-4-cü maddənin əlavə edilməsi təklif olunur. Bu maddənin adı və məzmunu ilə bağlı bəzi iradlarım var. “İpoteka haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulur ki, daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq üzərində mülkiyyət hüququ qeydə alınan daşınar əşyanın ipotekası isə həmin əşyanın dövlət reyestrini aparan müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan yanaşıldıqda hesab edirəm ki, təklif olunan maddənin adı “İpoteka haqqında qanunvericiliyin pozulması” kimi ifadə olunsaydı, bu həm “İpoteka haqqında” Qanunun 12-ci maddəsinə, həm də təklif olunan maddənin məzmununa uyğun olardı.
324-4.1.-ci və 324-4.2.-ci maddələrdə vəzifəli şəxs tərəfindən qeydiyyat qaydalarının pozulmasının maraqlı şəxsə vurduğu zərərə görə inzibati məsuliyyət müəyyən edilir. Lakin qeyd olunan maddələrdə vurulan zərərin məbləği ilə bağlı heç bir sərhəd, məhdudiyyət nəzərdə tutulmayıb. Hər halda burada zərərin miqdarı ilə bağlı formal meyarlar öz əksini tapmalı idi. Yəni bu zərərin miqdarı 5 manatmı, 10 manatmı, 100 manatmı, nə qədər olmalıdır? Məncə, inzibati məsuliyyətin müəyyən olunması üçün həmin məbləğin həddi və bu həddən asılı olaraq məsuliyyətin növü müəyyənləşdirilməlidir. Konkret halda söhbət inzibati məsuliyyətdən gedirsə, o zaman həmin zərərin minimal həddi nəzərdə tutulmalıdır. Bu baxımdan həmin maddənin 324-4.1. və 324-4.2-ci bəndlərində “maraqlı şəxsə” sözlərindən sonra “az miqdarda” sözlərinin əlavə edilməsi məqsədəuyğundur.
Qeyd etmək istədiyim digər məsələ isə layihənin müxtəlif maddələrində yer alan “tutma” sözü ilə bağlıdır. Məsələn, layihənin I bəndində “Torpaq islahatı haqqında” Qanuna edilən əlavədə qeyd olunur ki, “ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir”. Bu maddənin məzmununda “tutma” sözünün nəyi ifadə etməsini anlamaq, düzü, bir az çətindir. Hüquqşünaslar deyə bilərlər ki, bu anlayış Mülki Məcəllədə öz əksini tapıb. Lakin bununla bərabər qeyd etməyi yenə də özümə borc bilirəm ki, həmin sözün “ödəmə”, “tələb” sözləri ilə əvəz olunması və layihədə “ödəmə yönəldilərkən” və “tələb ödənilərkən” şəklində işlədilməsi daha düzgün olardı. Yəqin ki, işçi qrupu layihə üzərində müəyyən dəyişikliklər aparacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F. Muradov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həqiqətən də, təqdim olunan dəyişikliklər texniki məsələ kimi qəbul oluna bilər. Sadəcə, bir neçə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Həqiqətən də, Azərbaycanda ipoteka sisteminin işləməsi, ipotekanın belə geniş vüsət alması, ictimaiyyətdə maraq doğurmasının bir səbəbi var. Bu da ondan ibarətdir ki, ipotekadan əsasən gənclər yararlanırlar. Ona görə gənclər adından təşəkkürümü bildirirəm. Qanunvericilik bazasının təkmilləşdirilməsi cənab Prezident tərəfindən təklif edilmişdir. Bu gün artıq proses gedir. Müəyyən təkmilləşdirmələr var və bunu da nəzərə almalıyıq. Biz də bir neçə həmkarımızla bu qanunvericiliklə bağlı müəyyən təkliflərimizi hazırlamış və təqdim etmişik. Bəziləri qəbul olunmuşdur, bəziləri yox.
Nazirlər Kabinetində müzakirə olunan son variant haqqında. Ümumiyyətlə, ipotekanın bu gün verilən subyekt tərəfindən müəyyən dəqiqləşdirilməsi lazımdır. Belə təkliflər var idi, burada bunlar öz əksini tapıb. Uzunmüddətli kreditin verilməsini torpağa da aid eləmək olar. Burada konkret vaxt göstərilmir. Əsasən, gənc ailələrə yönəldiyinə görə müəyyən gənclər üçün də xüsusi şərtlərin tətbiq olunması nəzərdə tutulmalıdır. Biz keçən dəfə bu barədə bir az danışdıq. Xüsusən də tərxis olunmuş zabitlər, əsgərlikdən, hərbi xidmətdən qayıtmış gənclər üçün güzəştlər olmalıdır. Təqdim olunan dəyişikliklərlə bağlı demək istəyirəm ki, bunu təsdiq eləyə bilərik.
Sədrlik edən. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Oqtay müəllim. Vaxtınızı çox almayacağam. Mənim hüquqi və qanun yaradıcılığı texnologiyası baxımından iki təklifim var.
Birinci, Torpaq Məcəlləsinin 66-cı maddəsində torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər sadalanır. Bunlar dövlət aktı, şəhadətnamə, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələridir. Buradan “ipoteka” sözünün çıxarılması haqlı təklifdir və bunu dəstəkləyirəm. Amma buraya “bağışlama və vərəsəlik üzrə keçmə” sözlərinin də yazılmasını təklif edirəm, çünki əmlakın özgəninkiləşdirilməsinin ən mühüm müqavilələrindən biri də bağışlanmadır. Əmlak əldə etmənin digər yolu da vərəsəlik üzrə keçmədir. Bunlar bu maddədə yoxdur. Hüquqşünaslar yaxşı bilirlər ki, vərəsəlik üzrə keçmədə və bağışlanmada da xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət yaranır. Bu mülkiyyət üzrə hüquq üç hüququn – sahiblik, sərəncam və istifadə hüquqlarının məcmusudur. Bu halda da torpaq üzərində mülkiyyət yaranır. Mən xahiş edərdim, bağışlanma və vərəsəlik üzrə əldəetmə də bu maddəyə yazılsın.
Mənim prinsipial bir təklifim İnzibati Xətalar Məcəlləsinin 324-4-cü maddəsinə aiddir. Bu maddənin bugünkü dispozisiyasından belə başa düşmək olar ki, inzibati məsuliyyətə səbəb ola biləcək yalnız iki hal var – ipotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarının pozulması və ya ipoteka kağızı ilə onun dublikatı arasında uyğunsuzluğun əmələ gəlməsidir. Amma onlarla ipoteka haqqında qanunvericiliyin pozulması hallarını sadalamaq olar ki, bu dispozisiyaya daxil olmayıb. Misal üçün, vəzifəli şəxsin süründürməçiliyi nəticəsində şəxsə ziyan dəyməsi, ipotekanın predmeti olan əmlakın satışından əldə olunan məbləğin düzgün bölüşdürülməməsi, ipotekanın predmeti olan əmlakın düzgün qiymətləndirilmədən satılması. Bunlar hamısı maraqlı şəxsə zərər vurulması ilə bağlıdır.
Düzdür, həyatın rəngarəngliyini dispozisiyada yerləşdirmək olmaz. Qanun pozuntuları bu sahədə də müxtəlif olur. Ona görə mən təklif edirəm, burada “sair formada ipoteka haqqında qanunvericiliyin pozulması” sözləri də salınsın, çünki “sair formada” yazılması qanuna bir az mücərrədlik gətirir. Amma bu gün cinayət qanunvericiliyi və inzibati qanunvericilik həmin terminlərdən istifadə edir. Əgər belə olmasa, ipoteka haqqında qanunvericiliyin yalnız iki formada pozulmasına görə məsuliyyət nəzərdə tutulacaqdır. Amma bu qanunvericiliyin onlarla pozulması hallarını sadalamaq olar ki, onların da hər birində vətəndaşa ziyan dəyir. Mənim təklifim hüquqi xarakter daşıyır. Buraya “sair formada ipoteka qanunvericiliyinin pozulması vətəndaşa ziyan vurulması ilə nəticələnərsə” sözləri salınsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Eldar Quliyev, suallara qısa cavab verin.
E. Quliyev. Çox sağ olun, Oqtay müəllim. Pənah bəyin birinci sualı torpaq üzərində olan daşınmaz əşyalar haqqında idi. Sözsüz, əgər torpaq ipoteka kimi istifadə olunursa, onun üzərindəki daşınmaz əmlak mütləq onunla bir yerdə olmalıdır. Əgər torpaq satışa çıxarılırsa, onun üzərindəki mülkiyyət də getməlidir. Torpaq üzərindəki daşınmaz əmlak onunla bir yerdə olmalıdır, ona görə bu cür maddə nəzərdə tutulub.
Burada Fəzail müəllim faizdən söhbət etdi. Milli Bank tərəfindən 7 faiz həcmində verilib. Sonra bunun üzərinə kredit, ipoteka verən öz faizini gəlir, ikisi bir yerdə təxminən 12-13 faizi həcmində hesablanır.
Bundan əlavə, Jalə xanım 324-4-cü maddə ilə bağlı iradlarını bildirdi. Mən hesab edirəm, burada konkret nəzərdə tutmuşuq ki, yol verilən nöqsanlara görə 70 manatdan 80 manata qədər cərimə olunmalıdır.
Hörmətli Rauf müəllim məsələ qoydu ki, uzunmüddətli kreditlər verilsin. Əlbəttə, ipoteka kreditləri uzun müddətə, xüsusən də gənclərə verilir. Yəqin ki, banklara müraciət olunarsa, konkret deyərlər ki, bu kreditlər hansı müddətə verilir.
Sonra Rafael Cəbrayılov 342-4-cü maddə ilə əlaqədar məsələ qaldırdı. Burada qanun pozuntuları nəzərdə tutulur. Əgər burada qanun pozuntularından başqa cinayət məsələsi varsa, həmin insanlar məsuliyyətə cəlb olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İclasımız qurtardı. Allah qoysa, ayın 29-u görüşərik.