29.12.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ
PROTOKOLU № 39
Mill Məclisin iclas salonu.
29 dekabr 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
R. Aslanlı, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü.
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankı Hüquq departamentinin rəisi.
V. Əkbərov, “Beynəlxalqbank”ın İdarə Heyəti sədrinin müavini.
E. İsmayılov, Azərbaycan Banklar Assosiasiyasının sədri.
Y. Məmmədov, “Kapitalbank”ın İdarə Heyəti sədrinin müavini.
* * *
G. Məmmədov, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
S. Dadaşov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar departamentinin müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
2. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
3. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsinin təsdiq edilməsi barədə.
5. GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Dövlət Başçılarının mübahisələrin həll edilməsi üzrə Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə.
6. GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın yaradılması haqqında Kiyev Bəyannaməsinin təsdiq edilməsi barədə.
7. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi haqqında.
9. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Dövlət Başçılarının mübahisələrin həll edilməsi üzrə Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın yaradılması haqqında Kiyev Bəyannaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi (ikinci oxunuşda).
9. “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
29 dekabr 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 87
Yetərsay 83
Çox sağ olun, yetərsay var.
Hörmətli millət vəkilləri, iclasımızın gündəliyi sizdə var. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycan GUAM təşkilatının üzvü idi. GUAM 2006-cı ilin may ayından beynəlxalq təşkilata çevrilmişdir. İnd Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat adlanan GUAM-ın yanvar ayında sazişləri təsdiq olunmalıdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında GUAM-ın Nizamnaməsi, Dövlət Başçılarının mübahisələrin həll edilməsi üzrə Birgə Bəyannaməsi və təşkilatın yaradılması haqqında Kiyev Bəyannaməsi barədə sənədlərə baxılıbdır. Bu üç məsələ Milli Məclisə təklif olunubdur. Mən xahiş edirəm, həmin sənədlərin təsdiq olunması məsələsinin gündəliyə salınmasına münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İclasımıza başlaya bilərik. Hamı bayram əhvali-ruhiyyəsindədir. Mən də etiraz eləmirəm, gəlin, iclası bayram əhvali-ruhiyyəsi ilə keçirək. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” adlanır. Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna texniki xarakterli dəyişiklik nəzərdə tutulur. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları” sözləri “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar” sözləri ilə əvəz edilir. Biz, bilirsiniz ki, bir müddət bundan əvvəl bir sıra qanunlara “dövlət qeydiyyatı” anlayışını salmışıq. Bu dəyişiklik də qanunların bir-birinə uyğunlaşdırılması nöqteyi-nəzərindən edilir. Təşəkkür edirəm.
Sədrlik edən. Çıxışa yazılanlar var? Elmira xanım, buyurun.
E. Axundova. Oqtay müəllim, mənim bu Qanuna dəyişiklik edilməsinə dair heç bir etirazım yoxdur, ancaq bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bizə verilən sənədlərin adları, adətən, belə yazılır: “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”. Bundan çaşbaş qalırıq. Misal üçün, mənim stolumun üstündə dörd eyni adda sənəd var. Bizə bu sənədləri vaxtaşırı verirlər. Hamısı da eyni addadır. Axşam oturub baxanda bilmirsən ki, hansını sabah müzakirə edəcəyik. Onlara olarmı ki, ayrı-ayrı adlar verilsin və ya nömrə qoyulsun? Bu məsələ həmişə çətinlik yaradır, məcbur olub zəng edirsən şöbə müdirinə ki, sabah hansı qanuna baxılacaq? Evdə işləmək istədiyim sənədi gəlib burada tapıram.
Sədrlik edən. Sənədlər toplusu hamısı verilib sizə, burada olandan evdə yoxdur.
E. Axundova. Onlar bizə vaxtaşırı verilir, ancaq müxtəlif iclaslarda müzakirə edilir. Ona görə bilmirsən ki, sabah hansı qanun layihəsini müzakirə edəcəyik. Onların ya nömrəsi, ya da ayrı-ayrı adları olmalıdır.
Sədrlik edən. Mən etiraz eləmirəm, belə məsələyə baxmaq istəyəndə mötərizədə əlavə olunar ki, hansı qanundan söhbət gedir. Burada elə bir problem görmürəm. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Təşəkkür edirəm. Oqtay müəllim, bu gün bizim axırıncı iş günümüzdür.
Sədrlik edən. Allah eləməsin.
R. Cəbrayılov. İlin son iş günüdür. Mən fürsətdən istifadə eləyib, başda Siz olmaqla bütün deputat həmkarlarımı, Milli Məclisin bütün işçilərini, bizim fəaliyyətimizi işıqlandırarkən xidməti vəzifələrini layiqincə icra eləyən jurnalistləri qarşıdan gələn müqəddəs Qurban bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edirəm. Hamıya uğurlar və bərəkətli il arzulayıram!
Mən də Elmira xanımla tam razıyam. Mən də tamam başqa məsələ ilə − “Notariat haqqında” Qanuna və Vergi Məcəlləsinə dəyişikliklə bağlı çıxışa yazılmışdım. Həmin qanun layihələri ilə əlaqədar məsələlər də bəzi qanunvericilik aktlarına dəyişiklik adlanır. Elə bildim odur, ona görə yazıldım. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseynin də sualı var, o da sözünü desin, sonra izahat verərsiniz.
P. Hüseyn. Təbriklərə mən də qoşuluram. Sizi və millətimizi qarşıdakı bayramlar münasibəti ilə təbrik edirəm. Sualım bizim bundan əvvəl qəbul elədiyimiz qanunlara əlavələr və dəyişikliklərlə bağlıdır. Hörmətli Ziyafət müəllim ötən dəfə belə bir izahat verdi ki, bu qanunların qüvvəsi geriyə şamil olunmur. Yəni orduya çağırış artıq qəbul olunmuş aspirant və magistrantlara aid edilməyəcək. Amma xeyli müraciətlər var. Artıq hərbi komissarlıqlar, yəni bu qanun imzalanıb qüvvəyə minməmiş onların özlərini, daha çox valideynlərini komissarlığa dəvət eləməyə başlayıblar. Mən istərdim, Ziyafət müəllim bu məsələyə aydınlıq gətirsin və bu qanunsuzluqlara son qoyulsun. Təşəkkür edirəm.
Z. Əsgərov. Əvvəla, Pənah bəy, Sizin sualınızla başlayım. Özünüz qeyd elədiniz ki, bu qanun hələ qüvvəyə minməyib. Hələ bu, cənab Prezident tərəfindən imzalanmalıdır, sonra qüvvəyə minməlidir. Keçən dəfə də burada hörmətli Sədrimiz də, mən də qeyd elədik ki, qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur. Əgər Siz bunu deyirsinizsə, şəxsən məndə belə bir məlumat yoxdur. Mən iclasdan sonra hərbi komissarla məsələni araşdıraram.
Burada Elmira xanım və Rafael müəllim bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında məsələ qaldırdılar. Əvvəla, nəzərinizə çatdırmaq istəyirəm ki, bu cür qayda da cənab Prezidentdən daxil olur və bunu dəyişdirməyə bizim ixtiyarımız yoxdur. Həmin əlavə və dəyişikliklər sizə paylananda komissiyanın qərarı ilə verilir. Qərara baxın, orada yazılıb, hansı məsələlər gündəlikdə müzakirə olunur və plenar iclasa çıxarılır. Burada qeyri-adi şey yoxdur. Sadəcə olaraq, baxmaq, sənədlərlə işləmək lazımdır. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr! Dünən möhtərəm Prezidentimiz insan hüquqları ilə bağlı müvafiq sənəd imzalayıb. İnsanların hüquq və azadlıqlarının təmin olunması üçün əlavə tədbirlər müəyyənləşib. Bununla əlaqədar olaraq bizim bütün qanunvericilikdə bu istiqamətdə ardıcıl iş aparılıb. Bunlardan biri də “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqi pozuntularının profilaktikasi haqqında” Qanuna əlavələrin və dəyişikliklərin edilməsidir.
Layihə hamınıza paylanıbdır. Layihənin bütün maddələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına istiqamətlənən vacib əlavə və dəyişikliklərdir. Bununla yanaşı, biz hörmətli Rəbiyyət xanımla birlikdə, yəni iki komissiyanın iştirakı ilə bunu müzakirə edərkən bir sıra məqamlar meydana çıxdı və onları qanun yaradıcılığı təşəbbüsünün subyekti ilə müzakirə etdik. Oqtay müəllim, iki məqamı istəyirəm xüsusi qeyd eləyəm, çünki bizim ixtiyarımız yox idi, layihəni dəyişmiş şəkildə təzədən paylayaq. Amma deputat həmkarlarım, istəyirəm, bunları bilsinlər.
Bunun birincisi “xüsusi gücün tətbiq olunması” idi. Onu “qüvvə tətbiq olunması” ifadəsi ilə əvəz etmişik. Ona görə ki, “Polis haqqında” Qanunda həmin ifadə var. İkincisi, 13.17-ci maddədə hüquqi məsuliyyətlə bağlı konkretlik var idi, onu bir az da konkretləşdirdik. Mən istəyirəm onu oxuyam, həmkarlarım da bilsinlər. Biz dəyişikliyi bu cür təqdim edirik: “Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiqi ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl olunmaması, habelə fiziki qüvvənin tətbiq edildiyi hər hansı bir halın gizlədilməsi və ya belə hal barədə qəsdən məlumat verilməsi, yaxud xidməti yoxlama aparılması qaydalarının pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur”. Biz burada həmin maddəyə bir az da dəqiqlik gətirdik. Hesab edirəm ki, belə dəyişiklik və düzəlişlər faydalıdır və bu bizim yetkinlik yaşına çatmayanların mənafeyinə xidmət edir. Xahiş edirəm, deputat həmkarlarım buna səs versinlər.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Fürsətdən istifadə edərək, Sizi, bütün deputatları, jurnalistləri qarşıdan gələn Yeni il və başqa bayramlarımız münasibəti ilə təbrik edir, hamınıza uzun ömür, can sağlığı arzulayıram. Həmçinin Qazax, Ağstafa, Tovuz rayonlarında çox da asan olmayan bir şəraitdə yaşayan seçicilərimi də təbrik edir, onlara da uzun ömür arzulayıram. Arzu edirəm ki, qarşıdan gələn 2007-ci il respublikamız üçün önəmli, Dağlıq Qarabağ probleminin həllində dönüş nöqtəsi ili olsun.
Hadi müəllim sizə məruzə elədi, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunda belə bir müddəa var ki, ictimai təhlükəli, başqasının və dövlətin mənafeyinə zidd, yaxud özlərinə zidd hərəkət edərlərsə, qanun onlara qarşı fiziki gücün, zorun, bir də ki, xüsusi vasitələrin tətbiq edilməsinə icazə verir. Dəyişiklik düzgündür. Hesab edirəm ki, “xüsusi vasitələr” aradan qaldırılmalıdır. “Xüsusi vasitələr” deyəndə nə nəzərdə tutulur? Birinci, gözyaşardıcı qazın tətbiqindən söhbət gedir. Bu qaz nə Azərbaycanda istehsal olunur, nə Azərbaycana gətirilir, nə də tətbiq olunur. Ümumiyyətlə, islah-əmək düşərgələrində və həbsxanalarda da tətbiq olunmur. Mənə elə gəlir ki, yetkinlik yaşına çatmayanlara bunun tətbiq edilməsi yolverilməzdir.
Mən bununla da kifayətlənmək istəmirəm. Hesab edirəm ki, qanundan fiziki zorun tətbiq olunmasını da çıxarmalıyıq. Bilirsiniz, bunlar yetkinlik yaşına çatmayan uşaqlardırlar, Təhsil Nazirliyi sistemində olan qapalı tipli təlim-tərbiyə məktəblərində təhsil alırlar. Həmin insanları fiziki zor yolu ilə yox, pedaqoji, psixoloji metodlarla tərbiyə etmək və pis əməllərdən çəkindirmək lazımdır. Siz fikir versəniz, qanunun özündə belə bir şərt də nəzərdə tutulub ki, guya fiziki güc insan ləyaqətini alçaltmamaq şərti ilə tətbiq olunmalıdır. Kim deyə bilər ki, heç bir fiziki zor insan ləyaqətini alçaltmır. Fiziki zor dedikdə, bir növ qandallamaq və dəyənəklərlə döymək nəzərdə tutulur. Azyaşlı, yetkinlik yaşına çatmayanları qandallamaq, döymək, onların psixologiyasında silinməz, mənfi nəticələr yaradır. Odur ki, bunların tətbiq olunması maddəsi çıxarılmalıdır.
Digər tərəfdən onu da qeyd etmək istəyirəm ki, bu maddədə əksini tapan hallar artıq cinayət qanunvericiliyində nəzərdə tutulub. Cinayət qanunvericiliyində maddə var, orada da qeyd olunur ki, ictimai təhlükəli əməllərin, başqasına, eyni zamanda, dövlətə vurulan ziyanın qarşısını almaq üçün zəruri müdafiə məqsədi ilə hərəkət etmək olar. Mən hesab edirəm, “xüsusi vasitələr”lə yanaşı, “fiziki zor”un da buradan çıxarılması vacibdir. Bu, indiki dövrün tələbindən irəli gəlir və yeniyetmələrin, yetkinlik yaşına çatmayanların tərbiyəsi bunu tələb edir ki, biz bunu çıxaraq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyevin sualı var, buyurun.
N. Xudiyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Hadi müəllim, Yetkinlik yaşına çatmağın müddəti və vaxtı haqqında, – mən təxminən 11-ci ildir Milli Məclisin üzvüyəm, – hər dəfə böyük mübahisə yaranır. Nəhayət, bunun dəqiq vaxtı müəyyən olunmalıdır. Hansı hüquqi sənədlərdə dəqiq məlumat bildirilir. Burada hüquqşünaslar iştirak edirlər, əlaqədar təşkilatlardan mütəxəssislər iştirak eləyirlər. Yetkinlik yaşı hansı qanunda rəsmi şəkildə yazılıbdır? Bunun neçə yaş olmasına dair bir maddə var, ya yoxdur? Bunu sizdən ona görə soruşuram ki, hər dəfə müzakirə zamanı gah 16, gah 17, gah da 18 yaş deyilir. Qabaq filmlərə baxanda yazırdılar ki, “16 yaşından aşağı uşaqların filmə baxması qadağandır”. Onda 16 idi, sonra bunu 18 elədilər, ortalarda 14 də dedilər. Mən xahiş edirəm, ya Siz, yaxud mütəxəssislərdən biri rəsmi, qanuni şəkildə buna bir aydınlıq gətirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən, ümumilikdə, bu qanun layihəsini bəyənirəm və qəbul olunmasına səs verəcəyəm. Mənim 13.16-cı maddəyə yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi istiqamətində kiçik bir təklifim var. Bu maddədə yazılır ki, həddi-büluğa çatmamış şəxsə güc tətbiq ediləndən sonra 24 saat müddətində prokurorluğa məlumat verilir. Bu barədə xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti rəy tərtib edərək onu 3 gün müddətində prokurora göndərir.
Mən təxminən 20 il prokurorluq orqanlarında işləmiş bir adam kimi demək istəyirəm ki, bu məlumatlar prokurorluğa daxil olarkən məlumat, informasiya xarakterli olur. Buna prokuror araşdırmasını təklif edirəm. Bax, burada belə bir şey yazılsın ki, bir ay müddətində prokuror müvafiq yoxlama aparıb müvafiq qərar qəbul etsin. Materialların araşdırılması, ərizə və şikayətlərin yoxlanılması üçün qanunla müəyyən edilən bir ay müddəti buna da şamil edilməlidir. Bir ay müddətində prokuror yoxlamasının aparılmasını biz bu maddədə göstərə bilərik.
Bir də ki, hər təlim-tərbiyə müəssisəsində yeniyetməyə zor tətbiq edilməsindən, sözsüz ki, həmin təlim-tərbiyə müəssisəsi müdirinin də xəbəri olur. Həmin müdirin sonradan xidməti yoxlama aparıb rəy tərtib eləməsi nə dərəcədə onun obyektivliyindən xəbər verə bilər. Çox vaxt mən belə sənədləri görmüşəm, rəyə baxanda elə çıxır ki, yeniyetməyə zor zəruriyyətdən tətbiq olunub. Amma prokuror araşdırması aparılsa, tamamilə başqa şeylər meydana çıxar.
Mən hesab edirəm, yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının müdafiəsi üçün daha yaxşı olar ki, biz bunun axırına bir cümlə də əlavə eləyək: “Prokurorluğa materiallar daxil olandan sonra bir ay müddətində araşdırma aparılaraq müvafiq qərar qəbul edilir”. Ümumilikdə, mən bu qanun layihəsini bəyənirəm, onun qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da analoji addımlar atmağa dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də öz növbəmdə, Siz başda olmaqla bütün parlamenti və parlament üzvlərini, ölkə rəhbəri başda olmaqla bütün xalqımızı qarşıdan gələn hər üç bayram münasibəti ilə təbrik edirəm!
Cənab Sədr, iclasın gedişatı göstərir ki, məsələlər çox sürətlə səsə qoyulur. Mən də indi müzakirə olunan məsələyə səs verəcəyəm. Yeni il əhvali-ruhiyyəsini nəzərə alaraq, güman edirəm ki, prosedurdan cəmi bir dəqidə kənara çıxmağıma etiraz eləməyəcəksiniz. Bu günlərdə hər bir vətəndaş, o cümlədən parlament üzvü müxtəlif açıqcalar, təbrik məktubları və sair alır.
ATƏT-in Bakı ofisi də parlamentin bəzi üzvlərinə 2007-ci ilin təqvimini göndərib. Bilirəm ki, bu barədə, yəqin ki, Sizin də məlumatınız var və məsələyə münasibətiniz mənfi olar. Təqvimin titul vərəqində başı çarşablı azərbaycanlı, yoxsa əfqan qadınının təsviri verilibdir. O qadın mübarizə yolu, azadlıq yolu keçməmiş insan təsiri bağışlayır. Açığı, istənilən cəmiyyətdə inam hissini itirmiş, pessimist əhvali-ruhiyyəli, zorakılıq əlamətli hər hansı bir insan ola bilər. Amma təqvimin hazırlanması üzərində qoyulan tələblər tamam fərqlidir. Əlbəttə, ATƏT-in səhvini mən təkrar eləmək istəmirəm. Ötən dəfə parlamentdə qadına qarşı zorakılıqla mübarizə kampaniyası ilə bağlı müzakirələrdə yanlış statistika məlumatları oldu. Sanki o statistikanı bunlar fotoillüsturasiyada əks elətdiriblər. Bu, təkcə azərbaycanlı qadına həqarətli münasibət deyil, eyni zamanda, Azərbaycan cəmiyyətinə, Azərbaycan millətinin adına bir çirkli kampaniyadır. İndiki əhvali-ruhiyyə imkan vermir ki, biz buna qarşı öz etiraz səsimizi ucaldaq. Güman edirəm ki, media mənsubları da yeni ildən sonra bu faktın üstünə düşəcəklər.
Mən fərdi planda bu məsələyə öz etirazımı bildirirəm. Güman eləyirəm ki, bunu azərbaycanlı qadın, onun ailəsi divardan asmayacaq. Onu hazırlayanlar da bu yanaşmalarından geri durmalıdırlar.
Elə bu faktın davamı olaraq deyim ki, bizim cəmiyyətdə qadına böyük hörmət, böyük inam vardır. Bizim cəmiyyətdə qadına layiqli yer verildiyini dünən cənab Prezident İlham Əliyev parlamentin üzvü Zeynəb xanım Xanlarovanı ölkənin ən yüksək mükafatı ilə təltif eləməklə də göstərmiş oldu. Azərbaycan qadını bu gün ölkənin istiqlaliyyətində, müstəqilliyində iştirak edir. Mən bu münasibətlə elə hamının adından Zeynəb xanımı təbrik edirəm! Oqtay müəllim, mənə bunları söyləməyə imkan verdiyinizə görə Sizə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Zeynəb xanımı təbrik edəcəyik. Tələsməyin, 125 deputatın hərəsi onu bir-bir təbrik eləməkdənsə, bizə bir imkan verin, ümumi qaydada, Milli Məclis adından təbrik edək.
Hörmətli millət vəkilləri, gündəliyin 9-cu məsələsi, bilirsiniz ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə bizim müraciət qəbul eləməyimiz barədədir. Mən istərdim, redaksiya komissiyası yaradaq ki, bu müraciəti hazırlasın. Təklif edirəm, redaksiya komissiyasına Eldar İbrahimovu, Həvva Məmmədovanı, Novruz Aslanovu, Vahid Əhmədovu və bir də İlyas İsmayılovu daxil edək. Etiraz yoxdur ki? Səsə qoymaq lazımdırmı? Yoxdur, çox sağ olun.
İndi xahiş edirəm, gündəliyin ikinci məsələsinə öz münasibətimizi bildirməzdən əvvəl Hadi müəllimə şərait yaradaq ki, suallara cavab versin.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən elə Nizami müəllimin sualına cavabdan başlamaq istəyirəm. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanun möhtərəm Prezidentimiz tərəfuindən 24 may 2005-ci ildə imzalanıbdır. Qanunun “Əsas anlayışlar” hissəsində 1.0.1-ci maddədə belə yazılıb: “Yetkinlik yaşına çatmayanlar 18 yaşınadək olan şəxslər”. Yəni bu qanunda həmin yaş həddi 18 yaşa qədərdir. Bu bir mənada.
Sədrlik edən. Belə çıxdı ki, 14, 15, 16 yaş da ora daxildir.
H. Rəcəbli. Bəli, onlar hamısı yetkinlik yaşına çatmayıblar. Deməli, qanunun “Əsas anlayışlar” hissəsində məsələnin aydınlığı var. Hörmətli İlyas müəllim çox sağ olsun. Bizim komissiya iclasında da təkliflərini verdi, onlar nəzərə alındı. Mən burada iki halı göstərmək istəyirəm.
Birinci, hansı halda zor tətbiq eləməyə icazə verilir. Burada belə yazılıb: “Onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyat və sağlamlığına təhlükə yaradan qrup şəkildə və hər hansı digər hücum istisna olmaqla…” Yəni bu hallarda zorun tətbiq olunması vardır.
İkinci, 13-cü maddənin 14-cü hissəsində belə yazılıb: “Fiziki qüvvənin cəza, fiziki və ya psixoloji iztirab verilməsi məqsədi ilə tətbiq edilməsi qadağandır”. Yəni birmənalı göstərilir ki, qadağandır. Buna baxmayaraq, biz bunu yenə də İlyas müəllimlə müzakirə eləyəcəyik. Qanun təşəbbüskarının subyekti ilə buna bir də baxarıq.
Rafael müəllimin dediyi “bir ay müddət” məsələsi də bir az mübahisəlidir. Onu da Rafael müəllim gəlsə, məsləhətləşərik, bir ortaq fikrə gəlsək, ona baxmaq olar. Bütövlükdə bu, məqbul qanun layihəsidir, buna səs vermək olar.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Sağ olun, qəbul olundu.
Gündəliyin üçüncü məsələsinə keçirik. Bu, bayram əhvali-ruhiyyəli məsələdir. Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsinin üçüncü oxunuşu. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə verin, mən də bütün mədəniyyət və incəsənət xadimlərimizi, o cümlədən də teatr xadimlərimizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik eləyim və mədəniyyətimizin, incəsənətimizin inkişafı naminə onlara böyük uğurlar arzulayım!
Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsi artıq neçə müddətdir ki, həm mütəxəssislər səviyyəsində, həm komissiyada, həm də geniş miqyasda bizim Milli Məclisimizdə müzakirə olunur. Biz teatr haqqında qanunu Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hazırlamışıq. Əlbəttə, bütün müzakirələrdə çalışmışıq ki, mümkün qədər real, gerçək münasibətlər nəzərə alınsın. Eyni zamanda, Azərbaycan incəsənətinin bu mühüm sahəsinin inkişafı, müasir tarixi şəraitdə normal fəaliyyət göstərməsi və dünyaya çıxması üçün biz gərək hüquqi bazamızı yaradaq.
Bilirsiniz ki, son zamanlar Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar olaraq ölkəmizin mədəniyyətinə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşləri bir ənənə halını alıbdır. Bu da teatrda çalışan, belə deyək ki, fərdi istedadları ilə belə bir sənət kompleksi nümayiş elətdirən şəxslərin nüfuzunun artırılması, onların incəsənətə, mədəniyyətə öz yaradıcılıq qabiliyyətlərini daha böyük məmmunluqla vermələri deməkdir. Şübhəsiz, zaman keçdikcə bu qayğı bir az da yüksək olacaqdır.
O xalqın, o millətin ki iqtisadi inkişafı nəticə etibarı ilə onun mədəni, mənəvi inkişafına çevrilmir, təbii ki, o inkişaf tam olmur. Mədəniyyət və incəsənətin inkişafı siyasəti bizim ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış milli dövlətçilik siyasətimizin də çox mühüm tərkib hissələrindən biridir. Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsinin üçüncü oxunuşda təqdiminə hörmətli millət vəkillərinin söylədikləri fikirlərdən başlamaq istəyirəm. Mən hörmətli millət vəkillərindən Gülər Əhmədovaya, Valeh Ələsgərova, Fazil Mustafayevə, Hüseynbala Mirələmova, Nizami Xudiyevə, Azay Quliyevə, Rafael Cəbrayılova, Rauf Əliyevə, Həvva Məmmədovaya və Ziyafət Əsgərova ikinci oxunuşla bağlı çox dəyərli fikirlər söylədiklərinə görə minnətdaram. Onlar, deyək ki, bu qanunun hüquqi nöqteyi-nəzərdən uğurlu çıxması üçün Məclisdə çox dəyərli fikirlər söylədilər, təkliflərini verdilər. Cənab Sədrə − Oqtay müəllimə xüsusilə minnətdaram ki, bütün proses boyu məsələni nəzarətdə saxladı. Bununla da imkan yarandı ki, biz qanunu mədəniyyət və incəsənət xadimləri ilə bir yerdə hazırlayaq.
Ümumiyyətlə, incəsənət, mədəniyyət sahəsində qəbul olunmuş qanunların həmişə bir problemi olubdur. Əgər geniş müzakirələr keçmirsə, müxtəlif fikirlər, mülahizələr nəzərdən keçirilmirsə, onda o qanun həmin sahəyə tam şəkildə müdaxilə edə bilmir. Bu sahəyə dair qanunlarımızın müzakirəsi zamanı həmişə hiss eləyirik, çox gözəl fikirlər söylənilir, müddəalar deyilir. Faktiki olaraq bu müddəalar gerçəkliklə bağlı olmadığına görə həyata keçmir. Ona görə də belə qanunlar, adətən, geniş müzakirə olunmalıdır.
Mən Milli Məclisin nəzərinə çatdırmaq istəyirəm ki, bu qanun layihəsinin müzakirəsi gedişində bizim mətbuatımızda yüzlərlə mütəxəssis məqaləsi, müsahibələr dərc olunubdur. Həmin yazılarda bu qanunla bağlı xeyli mülahizələr söylənilibdir. Biz onlardan da istifadə eləmişik ki, qanun lazımı səviyyədə olsun. Sizə təqdim olunan qanunun 3-cü, mükəmməl layihəsində dəyərli təklifləri diqqətlə nəzərdən keçirmişik.
Birinci növbədə çox böyük və ciddi əhəmiyyət kəsb edən məsələ teatrların statusları ilə bağlı idi. Biz bu sahədə hərtərəfli dəqiqləşdirmə apardıq. Bilirsiniz ki, qanunda 3 status göstərilir: akademik, milli və aparıcı statusu. Bu məsələni dəqiqləşdirmək bizim üçün xeyli dərəcədə çətin oldu. Bilirik ki, artıq bu adlar bizim teatrlarımıza verilibdir. Buna baxmayaraq, həmin hüquqi sənədləri axtarıb tapmaq çox böyük problemə çevrildi. Məlum oldu ki, sadəcə, onlara bu adlar yüksək icra orqanı tərəfindən verilmir, çox zaman geniş müzakirələrsiz verilir.
Biz keçən dəfə, yəni ikinci oxunuşda bu statusun təyinatlarını yox, sadəcə, adlarını vermişdik. Statuslar barədə izahat yox idi. İndi onların izahını da daxil eləmişik. Akademik teatr deyəndə o teatrlar nəzərdə tutulur ki, − əslində, təcrübədən də o şəkildə qəbul olunub, − onlarda ümumbəşəri dəyərlər səviyyəsində yüksək peşəkarlıq nümayiş etdirilir. Milli teatrlara gəldikdə, onlar daha çox bizim coğrafiyanın etnoqrafiyası səviyyəsində, belə deyək, ümummilli xüsusiyyətləri, dəyərləri nümayiş elətdirir. Əlbəttə, burada sual oluna bilər ki, milli teatrda məgər peşəkarlıq olmur? Təbii ki, onu burada da görmək mümkündür. Ancaq Akademik teatrda bu peşəkarlıq bir qədər milli coğrafiyadan kənara çıxır və daha geniş və hərtərəfli sənət texnologiyası üzərində qurulan dəyərləri ifadə edir.
Əlbəttə, millilik də müəyyən səviyyədə peşəkarlıqdır, amma öz coğrafiyası, etnoqrafik mənsubiyyəti ilə birlikdə. Mən xahiş edərdim, ona da diqqət yetirəsiniz ki, bizim “milli” sözü bir az çoxmənalı termindir. “Milli” burada “etnik” sözü mənasında işlədilmir. Burada dövlətçilik, cəmiyyətçilik səviyyəsində gedən millilik nəzərdə tutulur. Ona görə mən xahiş edərdim, bu terminlər diqqətlə öyrənilib başa düşülsün ki, sonra qanunun icrası zamanı çaşqınlıq yaratmasın. Sizə təqdim olunan layihədən fərqli olaraq bizim bilgisayarımızda olan sənəddə bir sıra təkmilləşdirmələr aparmışıq. Mən xahiş edərdim ki, son variant kimi bilgisayardakına müraciət edəsiniz. Sizdə olan variantlarda fərqlər o qədər də çox deyil.
17.2-ci maddədə “çağdaş” sözünü “müasir” sözü ilə əvəz eləmişik. Yəni daha əhəmiyyətli termin saxlamışıq. 18.1 və 18.2-ci maddələr birləşdirilib və “teatrların əmlak hüquqlarının həyata keçirilməsinə və onların əmlakının idarə olmasına nəzarət qanunvericiliklə müəyyən edilir” şəklində təqdim olunubdur. 21.2-ci maddədə “Yerli özünüidarəetmə orqanları” əvəzinə, sadəcə, “bələdiyyələr” yazılıb. Nəhayət, 21.4-cü maddə qanundan çıxarılıbdır. Bu maddənin çıxarılması bizim vergi qanunvericiliyi ilə bağlı müddəalara normal münasibətimizlə bağlıdır. Yəni elə məsələlər var ki, onlar Teatr və teatr fəaliyyəti haqqında qanunla deyil, daha geniş miqyaslı bu sahəni tam əhatə edən qanunla tənzimlənməlidir. Biz, demək olar ki, Azərbaycanda teatr sahəsində çalışan rejissorlardan başlamış aktyorlara qədər, elə bir peşəkar teatr sənəti mütəxəssisi qalmayıb ki, qanunun hazırlanması prosesində onunla ya birbaşa, ya da dolayısı ilə məsləhətləşməyək, əlaqə saxlamayaq. Mütəxəssislərin də fikri bundan ibarətdir və ikinci oxunuşun müzakirəsi ilə bağlı materiallar onu göstərir ki, hər halda müzakirənizə verilən bu qanun layihəsi teatr haqqında kifayət qədər normal bir hüquqi sənəddir. Biz əminik ki. bu qanun işləyəcək və Azərbaycan teatr sənətinin inkişafı, yüksək səhnə yaradıcılığı işinin qorunub saxlanması, milli teatrın müasir, sərbəst iqtisadi münasibətlər sistemində fəaliyyət göstərməsini təmin edəcəkdir. Nəhayət, teatr istedadlarının müdafiəsi və onların öz fəaliyyətlərini normal şəkildə qurmaları üçün bir hüquqi baza yaradacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsi. GUAM − Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsinin təsdiq edilməsi barədə. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bütün təbriklərə qoşularaq bütün bayramlarınızı ürəkdən təbrik edir, sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram!
Müzakirəyə təqdim olunan sənədlərin təsdiqi tarixi əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək mən dövlət başçısına yeni il ərəfəsində belə mühüm sənədləri parlamentə göndərdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu sənədlər Azərbaycanın inkişafı, beynəlxalq aləmdə yüksək rolu, imici və fəaliyyəti üçün çox mühüm əhəmiyyətə malikdir. İlk dəfə Azərbaycan beynəlxalq təşkilatın üzvü olmaqla yanaşı, həm də beynəlxalq təşkilatın yaradıcılarından birinə çevrilir. Bu, tarixi bir hadisədir ki, Azərbaycan regional təşkilatında fəal iştirakı ilə yanaşı, onu yaradana, qurana çevrilir və bütün dünyaya bəyan edir ki, hansı istiqamətdə belə bir inkişafın təmin olunması vacibdir.
Hər üç sənəd bir-biri ilə bağlıdır. Təbii ki, birinci GUAM − Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsi təsdiq olunmalıdır. Nizamnaməyə diqqətlə baxsaq, onun özü ilk səhifədən təşkilatın prinsiplərini, istiqamətini bizə açıq şəkildə bəyan edir. 4 fəsil, 24 maddədən ibarət olan Nizamnamə konkret olaraq Azərbaycanın, Moldovanın, Ukraynanın və Gürcüstanın beynəlxalq aləmdəki fəaliyyəti istiqamətlərini müəyyən edir. Mən bəzi məqamları hörmətli millət vəkillərinə çatdırmaq istəyirəm. 1-ci maddədə GUAM təşkilatının əsas məqsədləri sadalanır: demokratik dəyərlərin təsdiq edilməsi insan hüquqlarına hörmətlə yanaşmaq və hüququn aliliyinin təmin edilməsi; stabil inkişafın təmini; beynəlxalq və regional təhlükəsizliyin və stabilliyin möhkəmləndirilməsi və sair. Bundan sonra gələn bəndlər də vacib məsələlərdir. Ümumi təhlükəsizlik sahəsində əməkdaşlıq, tərəflərin ictimai-iqtisadi, nəqliyyat, energetika, elmi-texniki və digər sahələrdə əməkdaşlıqlarını davam etdirəcək, qarşılıqlı siyasi fəaliyyətlərini daha da canlandıracaqlar.
2-ci maddədə birbaşa göstərilib ki, birliyə üzv olan ölkələr bir-birlərinin dövlət müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini təmin etmək istiqamətində fəaliyyət göstərəcəklər. II fəsildə təşkilatın quruluşu açıq şəkildə göstərilibdir. GUAM-ın quruluşuna şura və katiblik daxildir. Şura təşkilatın öz işini dövlət başçıları (sammit), xarici işlər nazirləri, milli əlaqələndiricilər və daimi nümayəndələrin səviyyəsində aparan əsas orqandır. Nizamnaməyə uyğun olaraq ayrı-ayrılıqda dövlət başçılarından, xarici işlər nazirlərindən, milli əlaqələndiricilərdən və daimi nümayəndələrdən ibarət şuralar yaradılır. Nizamnamə və ona daxil olan bəndlər beynəlxalq qanunda və beynəlxalq təşkilatlarda qəbul olunmuşdur. Bu bəndlərdən aydın olur ki, GUAM təşkilatının Nizamnaməsi 2001-ci ildə Yalta Xartiyasına və Birlik çərçivəsində qəbul edilmiş digər başlıca sənədlər əsasında yazılmışdır. Kiyev şəhərində qəbul olunmuş GUAM-ın fəaliyyətini nizamlayan başqa sənədlərlə isə onun bəndləri daha da təkmilləşdirilmişdir.
Nizamnaməyə diqqətlə baxsanız, görərsiniz ki, onun mətni iki dildə, ingilis və üzv ölkələrin − Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan dillərində mövcuddur. Azərbaycan dilində təqdim olunmuş sənəd bizim üçün əsasdır. Ancaq burada komissiyanın birgə fikrini də sizə çatdırmalıyam. Diqqətlə baxsanız, görərsiniz ki, Azərbaycan dilinə tərcümədə xeyli problemlər var. Misal üçün, bəzi beynəlxalq təşkilatların adları belə burada düzgün tərcümə olunmayıb, bəzi məsələlər tamamilə düzgün formada özünün əksini tapmayıbdır. Hətta artıq qəbul olunmuş “hüququn aliliyi” ifadəsi də mətndə bu şəkildə yox, tamamilə başqa şəkildə öz əksini tapıbdır. Hər üç sənəddə bu cür texniki xarakterli səhvlər çoxdur. Millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, bunlar Azərbaycan dilinə tərcümədir, hüquqi sənədin əsli deyil. Əsli ingilis dilində və rus dillərində mövcuddur. Mən, təbii ki, komissiyanın üzvlərinə bu sənədin əslini də təqdim etmiş, onlardan yalnız yekdil, müsbət fikir eşitmişəm. Bu, Azərbaycan üçün çox vacib bir sənəddir. Hesab edirəm ki, GUAM − Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsinin təsdiqi əhəmiyyətli addımlardan biridir. Millət vəkillərindən xahiş edirəm, Nizamnaməyə müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən Səməd müəllimin sözünə qüvvət olaraq demək istəyirəm ki, GUAM − Demokratiya və İqtisadi İnkişaf Naminə beynəlxalq təşkilat olaraq may ayından işləməyə başlayıb. May ayından indiyə kimi bu təşkilatın çox böyük əməyi nəticəsində Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin müzakirəsinə dondurulmuş münaqişələr barəsində məsələnin çıxarılması reallığa çevrilib və gündəliyə salınıbdır. Yəqin ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 2007-ci ilin yaz sessiyasında bu məsələyə baxılacaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 91
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Beşinci məsələ. GUAM − Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Dövlət Başçılarının mübahisələrin həll edilməsi üzrə Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə. Çıxışa ehtiyac yoxdur ki? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Altıncı məsələ. Təşkilatın Kiyev Bəyannaməsinin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, Sağ olun.
Gündəliyin növbəti məsələsinə keçirik. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Nəzərinizə çatdırım ki, bu məsələ ilə əlaqədar iclasda Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov, Milli Bankın İdarə Heyətinin üzvü Rüfət Aslanov, Azərbaycan Respublikası Milli Bankı Hüquq departamentinin rəisi Rəna Məlikova, “Beynəlxalqbank”ın İdarə Heyəti sədrinin müavini Vaqif Əkbərov və Banklar Assosiasiyasının sədri Eldar İsmayılov iştirak edirlər. Suallarla onlara da müraciət eləmək olar. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də qarşıdakı bayramlarla əlaqədar olaraq, cənab Sədr, Sizə, Aparatın rəhbərliyinə və bütün millət vəkillərinə xoş günlər arzulayıram! Arzu edirəm ki, qarşıdakı ildə Milli Məclisin, xalqımızın uğurları daha çox olsun.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Diqqətinizə çatdırım ki, Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə birinci oxunuşdan cari ilin may ayının 30-da keçmişdir. Əmanətlərin sığortalanması mexanizmi bir tərəfdən iqtisadiyyatda mövcud olan sərbəst maliyyə ehtiyatlarının aktiv akkumulyasiyası və investisiyalara transformasiyası, digər tərəfdən isə kiçik əmanətçilərin əmək haqlarının qorunması üçün mühüm bir alət sayılır. Bu baxımdan qanun layihəsi həm iqtisadi, həm də sosial əhəmiyyət kəsb edən normativ akt olacaqdır. Əmanətlərin sığortalanması sistemi bütün dünyada vacib təchizatlardan sayılır.
Hazırda dünyanın yüzə yaxın ölkəsində, o cümlədən MDB və Baltikyanı ölkələrdə, habelə Ukrayna, Qazaxıstan, Özbəkistan, Ermənistan, Litva, Latviya, Estoniya və Moldovada əmanətlərin sığortalanması sistemləri mövcuddur. Bu mexanizmlərin yaradılması prosesi çox dinamik inkişaf edir. Depozitlərin sığortalanması üzrə Beynəlxalq Assosiasiyasının məlumatına əsasən təkcə Əmanətlərin sığortalanması haqqında qanun layihəsi birinci oxunuşdan keçdiyi vaxtdan, yəni 2006-cı il mayın 30-dan sonra 3 yeni ölkə assosiasiyaya üzv qəbul edilmişdir. Hazırda Azərbaycan da daxil olmaqla 23 ölkədə belə sistem yaradılma mərhələsindədir.
Son illər respublikada aparılan sistemli islahatlar nəticəsində bank sisteminin dayanıqlılığının artırılması, ona etimadın bərpası banklarda depozitlərin dinamik artımına səbəb olmuşdur. Təkcə son üç il ərzində əhalinin banklardakı əmanətləri 2,8 dəfə, cari ilin 11 ayı ərzində isə 52 faiz artaraq 702 milyon manat təşkil etmişdir. Bütövlükdə bank depozitlərinin sürətli artımı, onun maliyyə vasitəçiliyi və funksiyalarının daha səmərəli icrası bu bölmənin iqtisadi rolunun güclənməsinə səbəb olmuşdur. Son üç il ərzində bank sisteminin aktivləri 3 dəfə artmışdır. Hazırda qeyri-neft sektorundan daxil olan investisiyaların 59 faizdən çoxu məhz bank sisteminin payına düşür. Bütün bu göstəricilər bank sisteminin 40-50 faiz orta illik artımı deməkdir. Belə dinamik artımın nəticəsində təkcə cari il ərzində bank aktivlərinin ümumi daxili məhsula nisbəti 19 faizdən 21,5 faizə, qeyri-neft sektorundan gələn gəlirlərin ümumi daxili məhsula nisbəti 32,5 faizdən 45 faizə çatmışdır. Bu göstəricilər, əlbəttə ki, inkişaf etmiş dövlətlərin göstəricilərindən aşağıdır. Lakin nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrin bank sistemində bu aktivlər bir neçə 10 illiklər, daha doğrusu, bir əsrdən də çox bir müddətdə gəlib bu həddə çatmışdır.
Sabit və dayanıqlı Azərbaycan Milli Bank sistemi isə son 12 il ərzində formalaşmışdır. Bununla belə, Azərbaycanın bank sisteminin inkişaf etmiş ölkələrin bank sistemləri ilə müqayisəsi, həmçinin Azərbaycan iqtisadiyyatının dinamik inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyması banklarda artım səviyyəsinin yüksək olduğunu göstərir. Bu səviyyənin reallaşmasında əmanətlərin sığortalanması mexanizmi mühüm elementlərdən biri ola bilər.
Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklarda fiziki şəxslərə məxsus pul vəsaitinin mümkün itkisinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Eyni zamanda, bank sistemindən kənarda dövr edən sərbəst pul vəsaitlərinin daxili ehtiyatlar hesabına banklara cəlb edilməsi yolu ölkə iqtisadiyyatının inkişafında mühüm vasitə sayılır. Əmanət işinin inkişafı uzunmüddətli kreditlərin verilməsinə, habelə əmanətçilərin əlavə gəlirlər əldə etməsinə imkan yaradır.
Məlumat üçün bildirmək istəyirəm ki, Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının qanunu layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilmiş, beynəlxalq maliyyə təşkilatlarının ekspertlərinin texniki yardımından istifadə olunmuşdur. Birinci oxunuşdan sonra Milli Məclisin İqtisadi siyasət daimi komissiyası yanında yaradılmış xüsusi işçi qrupu tərəfindən ayrı-ayrı deputatların bildirdiyi irad və təkliflər diqqətlə araşdırılmış və layihə üzərində müvafiq təkmilləşdirmə işləri aparılmışdır. Nəticədə qanun layihəsinə mahiyyət və redaksiya xarakterli yüzdən artıq düzəliş edilmişdir. Onu da qeyd etmək istərdim ki, Almaniyadan gələn ekspertlər də komissiyamızda olmuş və düzəlişlərdən sonra qanun layihəsi onların iştirakı ilə bir daha müzakirə edilmişdir. Bildirmək istəyirəm ki, bu yaxınlarda İqtisadi siyasət və Aqrar siyasət daimi komissiyaları qanun layihəsini ikinci oxunuş ərəfəsində birlikdə müzakirə etmişlər. Bu zaman müvafiq düzəlişlər barədə məlumat verilmiş, eyni zamanda, müzakirədə iştirak edən deputatların təklifləri də nəzərə alınmışdır. Deputat, komissiya sədrinin müavini Azər Əmiraslanov yerli bank sisteminin etibarlılığının artırılması, əhalinin sərbəst pul vəsaitlərinin banklara cəlb edilməsi baxımından qanun layihəsinin əhəmiyyətini qeyd etmiş, onun təkmilləşdirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürmüşdür. Onun sığortalanmanın təkcə kiçik deyil, həm də iri əmanətçilərə şamil edilməsi, fonda qısa müddətli borc öhdəlikləri hesabına vəsait cəlb etmək imkanının yaradılması, fondun ləğvi, fondun borc almaq üçün əsas mənbələrinə dair təklifləri oldu. Həmçinin bildirdi ki, 29-cu maddənin əsaslı müddəaları olduğunu nəzərə alaraq onun IV fəsildən çıxarılıb II fəslə daxil edilməsi məqsədəmüvafiq olardı. O, qanunun ayrı-ayrı fəsil və maddələrinin müxtəlif tarixlərdə deyil, bir il gec də olsa, eyni vaxtda qüvvəyə minməsini də məqbul saydı.
Deputat Vahid Əhmədov qanun layihəsinə müsbət münasibət bildirib qeyd etdi ki, Himayəçilik Şurasının tərkibində dəyişikliklər nəzərdə tutulsun, üstünlük banklara verilsin, fondun himayəçilik üzvlərinin əvəz edilməsi, əvəzçilərin seçilməsi dəqiqləşdirilsin. Himayəçilik Şurası üzvlərinin seçildikləri müddət göstərilsin, qiymətli metallar da əmanətlər kimi sığorta olunsun. Deputat Əli Məsimli qanunun məqsədləri, banklara inamın artması, risklərin minimuma endirilməsi, şəffaflığın təmin edilməsi baxımından qanunu müsbət qiymətləndirdi. Eyni zamanda, aşağıdakı təkliflərlə çıxış etdi, faiz dərəcələrinin yüksək olması maliyyə piramidalarına gətirib çıxarmayacaqmı? Bu məsələ haqqında bir qədər ətraflı demək istəyirəm. Qanun layihəsinin 2-ci maddəsində − “Əsas anlayışlar”da çox dəyərli bir fikir var. “Qorunan əmanət” adlanan bəndin 2.1.2.6-cı hissəsində qeyd edilir ki, cəlb edildiyi günə Azərbaycan Respublikası Milli Bankının uçot dərəcəsinin 2 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər də qorunan əmanətlər sırasındadır. Kommersiya banklarının rəhbərləri Milli Bankın İdarə Heyəti sədrinin iştirakı ilə bu məsələni müzakirə edərkən təklif olundu ki, bu rəqəmə bir də baxılsın, çünki bu gün banklar arasında faiz dərəcələrinə görə çox müxtəliflik var. Çox da etibarlı sayılmayan, o qədər də reytinqi yüksək olmayan banklar daha aşağı faiz verirlər, bu gün bank bazarında özünəməxsus yeri olan banklar isə əmanətləri depozitə baha faizlə qoyurlar. Bu, müəyyən mənada azad rəqabətdən irəli gəlmir, eyni zamanda, digər subyektiv amillərlə əlaqədardır.
Mən cənab Sədrimizə və Elman müəllimə təşəkkür edirəm ki, komissiyada səslənilən, çox ciddi maraq doğuran bir fikrə onlar da öz münasibətlərini bildirdilər. Artıq “iki misli” sözləri, mənim aldığım məlumata görə, 1,8 misli ilə əvəz edilibdir. Bu, adi dəyişiklik deyildi. Bütövlükdə bank sistemində əmanətlərin qorunması üçün irəliyə atılmış bir addımdır. Biz bunu Əli Məsimli ilə hesabladıq. Əgər bankın uçot dərəcələri 9-dan yuxarıdırsa, 2 misli 18-dən yuxarı, yəni 19 ola bilərdi. Amma bu düzəlişlə artıq qorunan əmanətlər 16-17 faiz arasında qalacaqdır.
Komissiyaların iclasında deyilən fikirlərdə müxtəliflik var idi. Ayrı-ayrı deputatlar tərəfindən çox maraqlı fikirlər səsləndi. Amma Milli Bankın İdarə Heyətinin sədri, mütəxəssislər, o cümlədən icraçı direktoru Rüfət Aslanlı məsələlərə aydınlıq gətirdikdən sonra bir sıra məsələlərdə orta məxrəcə gəlməyə nail olduq. Hesab edirəm ki, müzakirələr prosesində əldə etdiyimiz ən uğurlu ümumi nəticə məhz bu maddə ilə əlaqədardır. Mən, Oqtay müəllim, Sizə, Elman müəllimə, Əli Məsimliyə, Vahid Əhmədova, eləcə də digər həmkarlarıma təşəkkürümü bildirirəm. İclasdan qabaq bu məsələni bir daha Milli Bankın və digər bankların rəhbərləri ilə müzakirə etdik.
Eyni zamanda, qanun layihəsində göstərilirdi ki, Himayəçilik Şurasının üzvlərinə fondun idarə edilməsində iştirakına görə haqq ödənilmir. Təklif edildi ki, müəyyən mənada onların daha da məsuliyyət hiss etmələri üçün gərək maddi maraqları olsun. Himayəçilik Şurasının Fondun Daxili Audit Xidmətinin qaydalarını müəyyən etməyinə ehtiyac yoxdur. Daxili audit qaydalarına dair hal-hazırda qanun hazırlanır. Milli Bankın rəhbərləri də, yəqin ki, bu barədə fikirlərini bildirəcəklər. Bu qanunun elə maddələri vardır ki, onlar fondun qaydaları ilə əlaqədardır. Təklif edilirdi ki, o maddələr də bir az sadələşdirilsin, bəzi bəndlər qanun layihəsindən çıxarılsın.
Deputat Nazim Məmmədovun maraqlı çıxışı oldu. Onun dedikləri bilavasitə bu qanun layihəsinə aid olmasa da, diqqəti cəlb etdi. Bütövlükdə xarici bankların aşağı banklarla kredit verməsi fəaliyyəti genişlənir. Yerli bankların verdiyi kredit faiz dərəcələri isə yüksəkdir. Burada tarazlığın təmin edilməsi istiqamətində, yaxşı olar ki, işlər aparılsın. Bütövlükdə kredit ehtiyatları artmalıdır, sahibkarlığın inkişafı üçün real imkanlar genişləndirilməlidir. Mən hesab edirəm ki, bu təkliflər haqqında Milli Bankın rəhbəri Elman müəllim də fikirlərini deyəcəkdir.
Layihədə Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu, funksiyaları, idarəetmə orqanları və onların səlahiyyətləri ilə əlaqədar olaraq maddələr verilmişdir. Bu fəsildə fondun sığorta ehtiyatlarının formalaşdırılması mənbələri, onlardan istifadə edilməsi, iştirakçı banklar tərəfindən fonda üzvlük və əlavə haqların ödənilməsi qaydaları yenidən şərh edilmişdir. Sonrakı maddələrdə fondun uçotu və hesabatı, fəaliyyətinə nəzarət qaydaları verilibdir. Milli Bank fondun dövlət orqanları və iştirakçı banklarla qarşılıqlı münasibətlərini, habelə məsuliyyəti məsələlərini müəyyən edir. Bu maddələrə düzəlişlərlə bağlı müxtəlif təkliflər verilmişdir.
Deputatların bildirdiyi irad və təkliflərə əsasən fondun Himayəçilik Şurası üzvlərinin və icraçı direktorunun ixtisas və peşə təhsilinə dair tələblər qanun layihəsinin 6.5 və 9.2-ci maddələrində daha da dəqiqləşdirilmişdir. Himayəçilik Şurasının fəaliyyətinin səmərəliliyini artırmaq və qərarların vaxtında qəbul edilməsi məqsədi ilə səsvermə zamanı şuranın sədrinə bitərəf qalmaq hüququ məhdudlaşdırılmışdır. Həmçinin səslərin bərabər olduğu hallarda şuranın sədrinə həlledici səs hüququ verilmişdir. Buna müvafiq olaraq qanun layihəsinin 7.4-cü maddəsində də müvafiq düzəlişlər edilmişdir.
Deputat Nizami Xudiyevin və müzakirənin digər iştirakçılarının təklifləri nəzərə alınaraq layihənin 10.2-ci maddəsində icraçı direktorun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi əsasları hazırkı əmək qanunvericiliyinə daha uyğun redaksiyada verilmişdir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda iştirakçı bankların təqvim haqlarının ödənilməsi qaydasını da dəqiq ifadə etmək üçün qanun layihəsinin 13.6-cı maddəsinə düzəlişlər edilmişdir. Yeni redaksiyaya əsasən belə hallarda təqvim haqları Milli Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında təyin edilmiş çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
Qanun layihəsinin 15.2-ci maddəsində sığorta haqlarının vaxtında ödənilməməsinə görə dəbbə pulunun hesablanması qaydası daha aydın və səlis qaydada müəyyən edilmişdir. Layihənin 19-cu maddəsində fondun illik hesabatı və audit rəyinin yalnız fondun Himayəçilik Şurasında təmsil olunan dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulurdu. Müzakirələr nəticəsində bu sənədlərin həmçinin Himayəçilik Şurasında təmsil olunan digər təşkilatlara təqdim olunması məqsədəuyğun hesab edilmiş və bu düzəlişlər nəzərə alınmışdır.
Komissiyanın ikinci iclasında deputat, komissiya sədrinin müavini Azər Əmiraslanov təklif etdi ki, hesabatların, eyni zamanda, Milli Məclisə təqdim olunması da yaxşı olardı. Qanun layihəsinin 21.6-cı maddəsində pozuntulara yol vermiş və sığorta haqlarının çatışmayan məbləğini ödəməyən banklara qarşı inzibati qaydada tənbeh tədbirlərinin tətbiqi nəzərdə tutulurdu. Belə pozuntulara təkrar yol vermiş iştirakçı bankların fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun Milli Bank tərəfindən dayandırılması nəzərdə tutulsa da, təkrar pozuntunun hansı müddətdə törədilməsi məsələsi sual doğururdu. Ona görə də bu məsələ də dəqiqləşdirilərək, təkrar pozuntunun bir il ərzində baş verəcəyi təqdirdə banka qarşı qeyd olunan ciddi sanksiyanın tətbiqi nəzərdə tutulmuşdur.
Əmək qanunvericiliyində son dəyişikliklər, əsasən, dövlət bayramlarna görə istirahət günlərinin bəzi hallarda xeyli uzanması ilə əlaqədardır. Gələcəkdə ehtimal olunan mübahisələrin qarşısını almaq və müddətləri dəqiqləşdirmək məqsədi ilə qanun layihəsində təqvim günləri müəyyən edilən bəzi müddəalarda iş günlərində əməliyyatların icra müddəti qısaldılmışdır. Məsələn, 22.2.4-cü maddədə sığorta hadisəsi baş verdikdə hər bir əmanətçi barədə məlumatlar 7 təqvim günü əvəzinə 3 iş günü müddətində təsdiq edilərək Fonda təqdim olunması nəzərdə tutulur. 22.7-ci maddədə artıq ödənilmiş sığorta haqlarının iştirakçı banklar tərəfindən qaytarılması müddəti 10 təqvim günü əvəzinə 3 iş günü müəyyən edilmişdir. Bu, çox ciddi düzəlişdir. Qanun layihəsinin “Əmanətçilərin fondla və iştirakçı banklarla münasibəti” adlanan III fəsli əmanətçilərin hüquqlarını və kompensasiyanın ödənilməsi məsələlərini əhatə edir. Bilirsiniz ki, bunlar da dəyərli maddələrdir. Qorunan əmanətlərin miqdarı nə qədər olmalıdır? Müəyyən olunur ki, 2008-ci ilə qədər 4000 manat, 2008-ci ildən 2010-cu il yanvarın 1-nə qədər 10 min, 8 min, 6 min manat, 2010-cu ildən sonra isə 8 min manatdan çox olmalıdır.
Bütün dünya praktikasında belə bir fikir formalaşmışdır ki, qorunan əmanətlər, bir qayda olaraq, adambaşına düşən ümumi daxili məhsulun 1, 2 misli miqdarında olmalıdır. Bunu əldə rəhbər tutaraq Milli Bank həmin fərqləri müəyyən etmişdir. Beynəlxalq ekspertlər Milli Məclisdə olarkən biz onlarla söhbət etdik. Eyni zamanda, mən deməzdim, böyük fərq yarandı, Oqtay müəllimə də məlumat vermişdim, bütün dünya ölkələrində ilk mərhələlərdə qorunan əmanətlərin məbləği adambaşına düşən məhsulun miqdarının iki misli arasında özünü göstərir.
Biz müvafiq hesablamalar aparmışıq. İlk əvvəl, məsələn, Ukraynada 1600 ABŞ dolları, Rusiyada 3000 ABŞ dolları olub, indi qaldırırlar. Bu, çox maraqlı məsələdir. Lazım olarsa, mən də, Milli Bankın rəhbərləri də bununla bağlı suallara cavab verə bilərik. Bütün dünya ölkələrində bu rəqəmlər iqtisadi inkişaf səviyyəsindən asılı olaraq müəyyən edilir. Milli Bankın rəhbərliyi bu rəqəmlərə baxmaq niyyətindədir. Çünki adambaşına düşən məhsulun miqdarı getdikcə artır. Gələcəkdə qanunla əlaqədar olaraq dəyişikliklər nəzərdə tutulanda bu məsələlər də nəzərə alınacaqdır. Bir sıra ölkələrdə 90 faiz ödənilir, ancaq fərq qoyulur, iri əmanətçilər nəzərə alınır.
Azərbaycanda da reallığı nəzərə alaraq bu fikirlə razılaşmaq, müəyyən fərqləri dəqiqləşdirmək olar. Hər halda Milli Bankın bu məsələdə mövqeyi düzgündür. Eyni zamanda, ilk il olduğu üçün, risklərin çox olmamasını nəzərə alaraq qorunan əmanətlərin məbləği 4000 manat məbləğində müəyyən edilmişdir. Gələcəkdə, təbii ki, bu məsələyə baxmaq olar.
III fəsildə əmanətçilərin hüquqlarını, kompensasiyaları, onların ödəniş qaydalarını, habelə kompensasiyaların alınması üçün müraciət qaydalarını əks etdirən maddələr də verilmişdir. Bu maddələrdə də müxtəlif düzəlişlər edilmişdir. Deputatların təklifləri nəzərə alınaraq kompensasiyaların ödənilməsi barədə kütləvi informasiyalara məlumatların verilməsi layihədə “elanın verilməsi” və “bildirişin dərc edilməsi” kimi ifadə edilmişdir.
Qanun layihəsinin IV – “Yekun müddəaları” adlanan fəslində isə bankların seçilməsi, onların maliyyə tutumunun müəyyən edilməsi və nəzarət proseslərinə dair məsələləri əhatə edir. Bu fəsil bankların fondun iştirakçıları sıralarına qəbul edilməsi, ictimaiyyətin məlumatlandırılması, mübahisələrin həlli, habelə qanunun qüvvəyə minməsi qaydalarını əks etdirən maddələrdən ibarətdir. İşçi qrupu tərəfindən də bu maddələrdə bir sıra dəyərli düzəlişlər edilmişdir.
Fondun fəaliyyətinin şəffaflığı ilə bağlı əmanətçilərin fondun fəaliyyəti ilə bağlı məlumatlarla vaxtında tanış olmasını təmin etmək məqsədi ilə qanun layihəsində 30.3.1-ci bənd verilmişdir. Burada fondun fəaliyyəti ilə bağlı elanların verildiyi, həm də bildirişlərin dərc edildiyi kütləvi informasiya vasitələri haqqında məlumatın bank əmanəti və bank hesabı müqaviləsində əks etdirilməsi tələbi qoyulmuşdur. Maddənin 30.3.3 yarımbəndi 30.4-cü bənd kimi aşağıdakı redaksiyada verilmişdir: “Bank audit yoxlamasından keçmiş illik hesabatını kütləvi informasiya vasitələrində dərc etdirərkən fondda iştirakı barədə məlumat verməlidir”.
Deputat Əli Məsimli və digərlərinin təklifləri nəzərə alınaraq “Qanunun qüvvəyə minməsi” adlı 32-ci maddəsi yeni redaksiyada verilmişdir.
Sonda bir daha qanun layihəsinin müzakirəsi zamanı təkliflərini bildirən, habelə layihənin təkmilləşdirilməsində iştirak edən bütün deputatlara, işçi qrupuna, ekspertlərə, Milli Bankın əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Mən açığını bildirim ki, işçi qrupu, bu işçi qrupuna başçılıq edən icraçı direktor Rüfət Aslanlı, Milli Məclisin üzvləri, İqtisadi qanunvericilik şöbəsi qanun layihəsi üzərində çox səmərəli işləmişlər. Təbii ki, Azərbaycanın tarixində söhbət gedən müvafiq sahəyə dair ilk qanundur. Burada müəyyən nöqsanların ola biləcəyi də bizə məlumdur. Amma bu qanunun, şübhəsiz ki, gələcəkdə qəbul edilməsi, deyilən təkliflərin nəzərə alınması Azərbaycanın bank sisteminə etimadı artıracaqdır. Bütövlükdə bu sənəd Azərbaycanda iqtisadi inkişafla əhalinin sosial müdafiəsi sahələrində tarazlığın daha da möhkəmlənməsinə imkan verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Çox sağ olun, cənab Sədr. İcazə verin, mən də Sizi, bütün millət vəkillərini, Milli Məclis Aparatının bütün işçilərini qarşıdan gələn əziz bayramlar münasibəti ilə təbrik edim və öz şərəfli missiyanızın həyata keçirilməsində hamınıza uğurlar və müvəffəqiyyətlər arzulayım! Fürsətdən istifadə edərək Sizə və Milli Məclisin üzvlərinə bu günlərdə Milli Bankın idarə heyətinin yeni tərkibinə öz inamını ifadə etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Hamınızı əmin etmək istəyirik ki, Milli Bankın yeni seçilmiş idarə heyəti, Milli Bank bütövlükdə qanunla onun qarşısında qoyulmuş səlahiyyətlərin yerinə yetirilməsinə çalışacaq və ölkədə makroiqtisadi sabitliyin qorunmasına, maliyyə bölməsinin inkişafına yönəldilmiş fəaliyyətini səylə davam etdirəcəkdir.
Müzakirə olunan qanun layihəsinin əhəmiyyəti haqqında hörmətli Ziyad müəllim fikirlərini dedi. Mən bir daha məsələyə qayıtmaq istəyirəm, çünki qanunun ikinci oxunuşda müzakirəsində bunu olduqca vacib sayıram. Qanun olduqca böyük sosial, iqtisadi yükə malikdir. Hesab edirəm ki, burada da söhbət məhz qanunun sosial yükündən gedə bilər. Biz müzakirələrdə həmişə qeyd etmişik və bu gün də millət vəkillərindən onu xahiş edirəm, bu məsələlərə diqqət yetirsinlər.
İlk baxışdan belə görünə bilər ki, bu, ölkədə maliyyə infrastrukturunun genişləndirilməsinə yönəldilmiş bir qanundur. Lakin ilk növbədə bu hüquqi sənəd əmanətçilərin, xüsusi ilə xırda əmanətçilərin mənafeyini qoruyan, mən deyərdim, sosial bir qanundur. Bizim apardığımız araşdırma və tədqiqatlar göstərir ki, ölkədə bir milyona yaxın əmanətçi var və bu qanunda qoyulmuş 4000 manat məbləğində qoyulan norma kifayət qədər əmanətçini əhatə edir. Bu qanun bank sisteminin inkişafının 12-13-cü ilində məhz əmanətçilərin mənafeyinin qorunmasına xidmət edəcəkdir. Dövlət tənzimlənməsi sistemini həyata keçirən, əmanətçilərin mənafelərini qoruyan qanun bank sisteminin özünün inkişafı məqsədlərini həyata keçirəcəkdir, çünki burada məntiq aşkardır.
Belə sistemin yaradılması, təbii ki, əhalinin banklara olan inamının daha da artmasına gətirib çıxaracaqdır. Banklar maliyyə imkanlarını artırmaqla daha geniş və böyük həcmdə investisiyaları maliyyələşdirəcək, artıq gəlir götürəcək və inkişaf edəcəkdir. Beynəlxalq, xüsusən keçid dövrü yaşayan ölkələrin təcrübəsi göstərir ki, əmanətlərin sığortalanması sistemi qəbul olunandan sonra bank sistemində, eyni zamanda, əmanətlərdə, kreditlərin həcmində sıçrayışla inkişaf baş verir.
Mən qanun layihəsinin formalaşdığı, onun beynəlxalq ekspertlərlə müzakirəsinin keçirildiyi, o cümlədən bu ilin 30 mayında birinci oxunuşda qəbul olunduğu məqamları xatırlayıram. Bu sənəd ətrafında gedən müzakirələrdə əhalinin, əmanətçilərin mənafeyi ilə bankların mənafeyi arasında incə bir balansın axtarılmasına xeyli zəhmət sərf olunmuşdu. Son variantda diqqətinizə təqdim olunan qanun layihəsi, hesab edirəm ki, tələblərə tam cavab verir. Burada məhz belə bir balans tapılıbsa, həmin balans bankların mənafeyinə xidmət edirsə, deməli, əmanətçilərin də mənafeləri tam şəkildə qorunur və onu pozmağa ehtiyac yoxdur. Bu məsələ 5 ildir müzakirədədir və çox müxtəlif səviyyələrdə bank ictimaiyyəti, beynəlxalq ekspertlərlə məsləhətləşmələr keçirilir ki, belə bir balans tapılsın.
Ziyad müəllimin dediyi, komissiyada haqqında söhbət gedən məsələlərə mən də toxunmaq istəyirəm. Himayəçilər Şurasının tərkibini müəyyənləşdirmək ciddi məsələdir. Qeyd eləmək istəyirəm ki, Himayəçilik Şurası üzvlərinin iki nəfəri müvafiq icra hakimiyyəti orqanından, iki nəfəri də Milli Bankdan olacaq. Göründüyü kimi, bu tərkibdə iki nəfər Milli Bankdan, iki nəfər də dövlət qurumlarından iştirak edəcəkdir. Niyə belədir? Çox sadə məntiqlə cavab vermək olar ki, bu qanun məhz əhalinin mənafelərinin qorunmasına yönəldilir, əhalinin əmanətləri sığortalanır. Bu sığortalanma isə banklarda həyata keçirilir. Bunun üçün, əlbəttə, üstün, məhz riskli inkişaf olan yer banklardır. Təbii ki, bu balans iştirakçı bankların hesabına pozulsa, belə çıxır ki, riskdaşıyıcı sayılan institut bu fondun da idarə olunmasında üstünlük təşkil edəcəkdir. Təbii ki, Milli Bank dövlət tənzimlənməsi sistemidir, peşəkar səviyyəsi olduğu üçün ölkədə bu işlər qanunla ona tapşırılıbdır. Bankların tənzimlənməsi, banklara nəzarət Milli Bank tərəfindən həyata keçirilir. Üstün beynəlxalq təcrübə də bundan ibarətdir ki, qanunla bu işi icra edən orqan daha yüksək peşəkarlığa malik institut olmalıdır. Bir çox ölkələrin təcrübəsində bu fondun fəaliyyəti gətirib ona çıxarıb ki, onlara dövlət nəzarəti və bank nəzarəti funksiyası verilibdir. Mən bunu istisna etmirəm ki, bizim ölkəmizdə də belə bir sistem yaradıla bilər.
Əsas məsələlərdən biri qorunan əmanətlərin faiz həddi idi, bu haqda ciddi müzakirə getdi. Biz ortaq məxrəci tapdıq. Bank ictimaiyyətinin haqlı narahatlığı var idi ki, müəyyən bazarlarda yüksək əmanət faizləri ilə işləyən banklar son nəticədə bu fondu bəzi çətinliklərlə üzləşdirə bilərdi. Çünki bu, kollektiv zəmanət fondu sayıldığına görə, bankların konsolidasiya olunmuş məsuliyyəti var. Bu da onlar üçün müəyyən risklər yarada bilər. Biz onların arqumentini qəbul etdik və faiz dərəcəsini tənzimləyən misli bir qədər aşağı saldıq. Lakin digər tərəfdən bizim özümüzün də arqumentimiz var. Burada əsas məsələ odur ki, əmanətlərin qəbulu üçün faiz dərəcəsi bankların əhalidən aldığı pulun dəyəri ilə ölçülür. Qanunvericilikdə, həmçinin bu fondun yaradılmasını irəli sürən qanunda ikinci bir tərəfə, yəni bankların əhaliyə verdikləri kreditlərə heç bir məhdudiyyət qoyulmur.
Bu gün bankların qovluğunda istehlak kreditləri, yəni bilavasitə əhaliyə verdikləri kreditlər birinci yeri tutur və bu məbləğ 8 milyon manata yaxınlaşıb. Burada çox müxtəlif faiz dərəcələrinə rast gəlirik. İstehlak kreditləri veriləndə, təbii ki, balans gözlənilməlidir. Banklar əhali ilə işləyəndə, onlardan aldıqları əmanətlərin faizini müəyyənləşdirəndə real bazar qiymətini nəzərə almalı, buna müvafiq faizlər verməlidirlər. Onların əmanətlərinin sığortalanması tərtib olunmuş sxem əsasında aparılmalı, iqtisadiyyatın prinsiplərinə əməl olunmalı, xüsusi ilə əhaliyə verilən kreditlərdə balansa diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, bu kreditlərin ilkin mənbəyi əhalinin əmanətləridir. Əhalinin əmanətləri ilə bankların əhaliyə verdikləri kreditlər arasında asılılıq var.
Komissiyada mübahisə doğuran əsas müddəalardan biri fondda toplaşan sığorta vəsaitlərinin idarə olunması məsələsi idi. Orada belə bir fikir səsləndi ki, nəyə görə bu vəsaitlər daha çox yüksək reytinqli xarici banklarda toplanır, o cümlədən ölkədə yüksək reytinqli qiymətli kağızlara çevrilir, xarici dövlətlərin yüksək reytinqli borc öhdəliklərinə yerləşdirilir. Belə bir fikir söyləndi ki, niyə öz banklarımızda saxlanılmır, niyə bu məsələlər bizdə idarə olunmur. Buna yenə də məntiqli cavab ondan ibarətdir ki, fondun vəsaitləri bank sisteminin özünün risk elementi kimi toplanılır. Bu vəsaitlərin, üstünlük verilərək, Azərbaycan banklarında saxlanması məntiqə uyğun deyil. Əgər hər hansı, nəzəri olaraq, belə bir problem yaransa, − bankda əmanətləri olan əmanətçilərin belə problemləri yaranır, − sığorta fondu qorunan əmanəti yüksək reytinqli qiymətli kağızlara yerləşdirə bilər. 2007-ci ildən başlayaraq pensiya fondlarının vəsaitlərindən də məhz belə istifadə olunur. Onlar da ölkə daxilində qiymətli kağızlarla əvəz oluna bilər. O cümlədən belə vəsaitlərin xarici ölkələrin qiymətli kağızlarında və ya özlərinə imic qazanan banklarında depozitlər formasında yerləşdirilməsinə icazə verilir.
Ölkənin maliyyə-bank sisteminin inkişafında qanunun xüsusi rolu olduğunu nəzərə almağınızı xahiş edirəm. Əhalinin əmanətlərinə dövlət tərəfindən yaradılmış banklar tərəfindən verilən konsolidasiya olunmuş zəmanət sistemi mexanizmi vasitəsi ilə yanaşılması da bu sənədin əhəmiyyətini bir daha təsdiq edir. Bunları nəzərə alaraq millət vəkillərini qanun layihəsinə səs verməyə çağırıram. Nəzərə almaq lazımdır ki, əhali bu qanunu gözləyir. Bu qanunun qəbulundan sonra çox mürəkkəb institutlaşma prosesi gəlir. Mən xahiş edirəm ki, gərgin iş qrafikinə baxmayaraq, qanun layihəsi bu gün həm də üçüncü oxunuşda qəbul olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elman müəllim. Müzakirələrə başlayırıq. Qanun layihəsini ikinci oxunuşda əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Çıxışa yazılanlar, mən istərdim, bunun vacib qanun olduğunu nəzərə alıb müzakirədə fəal iştirak eləsinlər. Ancaq onu da istəmirəm ki, bayram əhvali-ruhiyyəsi korlansın. Sözünüzü kəsməməkdən ötrü, gəlin, reqlamenti 5 dəqiqə təyin edək. Kim buna tərəfdardır, xahiş edirəm, münasibətini bildirsin.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Nizami İsgəndərov, buyurun.
N. İsgəndərov. Çox sağ olun, cənab Sədr. Fürsətdən istifadə eləyib mən də Siz başda olmaqla bütün parlament üzvlərini və Milli Məclis Aparatının işçilərini qarşıdan gələn bütün bayramlar münasibəti ilə ürəkdən təbrik edirəm.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əmanətlərin sığortalanması haqqında qanun layihəsi cəmiyyətin banklara olan etimadının bərpası baxımında böyük əhəmiyyət daşıyır. Bu sistemin yaradılması işi yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu qanunun müddəaları ilkin olaraq banklar haqqında qanunda öz əksini tapmalı idi. Qanunun mahiyyətini və xüsusiyyətini nəzərə alaraq əmanətlərin sığortalanması haqqında qanun ayrıca bir normativ hüquqi sənəd kimi bu gün müzakirəyə çıxarılıbdır. Bu qanun Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin formalaşması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.
Əmanətlərin kollektiv və icbari sığortalanması sisteminin yaranması, bankların və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətini itirdiyi zaman, onlarda olan fiziki şəxslərə məxsus pul vəsaitinin mümkün itkisinin qarşısını almaq, maliyyə sisteminin təhlükəsizliyini və bank sisteminin inkişafını təmin etmək məqsədini daşıyır. Qanunun tətbiqi əhalinin bank sisteminin sabitliyinə inamı artıraraq banklarda əmanətlərin həcminin artımına səbəb ola bilər. Bu da öz növbəsində nağd pul vəsaitlərinin banklarda cəmləşməsini təmin edər və nəticədə inflyasiyaya qarşı mübarizə aləti ola bilər. Qeyd olunanlarla yanaşı, hesab edirəm ki, təqdim olunan layihədə bir sıra ziddiyyət və çatışmazlıqlar mövcuddur.
İlk növbədə diqqətinizi 2-ci maddəyə yönəltmək istərdim. Bu maddəyə görə “cəlb edildiyi günə Azərbaycan Respublikası Milli Bankının uçot dərəcəsinin 2 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir”. Hesab edirəm ki, uçot dərəcəsi 100 faizdən artıqdırsa, bu, əmanəti cəlbetmə dərəcəsi kimi çox yüksəkdir. Tutaq ki, bu gün Milli Bankın uçot dərəcəsi 10 faiz təşkil edir. Deməli, fonda üzv olan banklar 20 faizlə cəlb etdiyi əmanətləri sığortalayarlar. Təklif edirəm, bunu maksimum 50-60 faizlə məhdudlaşdıraq. Yəni Milli Bankın uçot dərəcəsi 10 faiz təşkil etdiyi halda, sığortalanan depozitlərə 15-dən artıq faizlə cəlb edilən depozitlər aid edilməsin. Bu, bazarın reallığını əks etdirən faiz dərəcəsi olardı.
Qeyd etmək istərdik ki, əmanətlər üzrə faizlərin yüksəldilməsi bankın özünə yarada biləcək problemlərlə yanaşı, ciddi makroiqtisadi problemləri də üzə çıxarmış olar. Məsələn, pulun maya dəyərinin artmasının nəticəsi olaraq kreditlər üzrə faizlərin artımı, öz növbəsində inflyasiyaya gətirə bilər. Nəticədə iqtisadiyyata kredit axını azalmış olar. Bu da öz növbəsində müasir dövlət proqramlarının həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına mənfi təsir göstərər və iqtisadi artımın sürətini aşağı salar.
Biz bu layihəni qəbul edərkən faiz dərəcələri ilə bağlı məqama da diqqət yetirməliyik, çünki bizim məqsədimiz bazardan gəlir əldə etmək deyildir. Biz iqtisadiyyatımızın mənafeyini düşünməli, elə bir qanun layihəsi qəbul etməliyik ki, Azərbaycanda bu sahədə gedən inkişaf prosesinə mənfi təsir etməsin və əhalinin maraqlarına cavab versin. Faiz dərəcələrinin artırılmasına yol verilməməlidir və bu maddəyə yenidən baxılmalıdır. Bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun.Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən də həmkarlarımın təbrikinə qoşularaq bu gün millət vəkillərini və onların seçicilərini və xalqımızı hər üç bayram münasibəti ilə təbrik etmək istəyirəm. Qanun layihəsinə gəldikdə isə, mən qeyd etməliyəm ki, həqiqətən də, bu gün belə bir layihənin qəbulu çox aktualdır və çox əhəmiyyətlidir. Çünki yüzlərlə əmanətçilər bu gün öz əmanətlərini banklarda saxlamaqla, gələcəkdə onlardan istifadə etmək, həyatlarını daha firavan qurmaq istəyirlər. Beləliklə, əmanətçilərin böyük ümid bəslədikləri bu əmanətlərin sığortalanması çox doğru, çox təbii haldır. Bu mexanizmlə bağlı Ziyad müəllimlə Elman müəllim kifayət qədər məlumat verdi. Hesab edirəm, bu mexanizmlər ona imkan verəcək ki, gələcəkdə bu əmanətlərin sığortalanması işi sürətlə həyata keçsin və uğurla başa çatsın.
Mənim Əmanətlərin Sığortalanması Fondu və onun Himayəçilik Şurası ilə bağlı bəzi təkliflərim var. Himayəçilik Şurasının tərkibinə yenidən baxılmalı, bu rəqəm 7-dən 9-a çatdırılmalıdır. Ona görə ki, şuranın tərkibinə 3 nəfər Milli Bankın, iki nəfər müvafiq icra hakimiyyəti orqanlarının və iki nəfər də iştirakçı bankların nümayəndəsi daxil edilibdir. Əmanətçilərin nümayəndəsi burada yoxdur və bilirsiniz ki, dünyada onların hüquqlarını müdafiə edən təşkilatlar var. Onlar bilavasitə bu işə maraq göstərirlər və bu sahənin kifayət qədər peşəkar insanları var. Təklif edərdim ki, bu rəqəm artırılsın, əmanətçilərin hüquqlarını müdafiə edən şəxslər də həmin tərkibə daxil edilsinlər.
Mən burada sual doğuran daha bir məsələni də deməyi lazım bilirəm. 3.4-cü maddədə qeyd olunur ki, dövlət və Milli Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Milli Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır. Eyni zamanda, digər maddələrdə biz görürük ki, Milli Bank həm Himayəçilik Şurasına öz nümayəndəsini verir, həm də bu layihənin 6.7-ci maddəsinə əsasən Himayəçilik Şurasının sədri və müavini onun təqdimatı ilə Şuranın üzvləri sırasından təyin olunur. Əgər bu, məsuliyyət daşımırsa, nəyə görə idarəçilikdə yaxından iştirak edir, hətta rəhbərliyin təqdimatını verir? Bu məsələyə, istərdim, aydınlıq gətirilsin.
Növbəti aydınlıq gətirilməsi vacib olan məsələ 24-cü maddə ilə bağlıdır. Bu maddədə Fondun ləğvi ilə bağlı müddəalar var. Göstərilir ki, fondun ləğvi xüsusi qanunla tənzimlənir. Söhbət hansı qanundan gedir? Bu, bilinməlidir ki, qanunlar hansı halda, hansı formada bu ləğvetmə prosedurunu tənzimləyir. Mən istərdim ki, ümumiyyətlə, ləğvetmə məsələsi bu qanunun özündə təsbit olunsun. Çünki ləğvetmə məsələsində mülkiyyətin bölgüsündən tutmuş digər məsələlərə qədər olan çox ciddi amillər yer alır. Bu da, təbii ki, az əhəmiyyət kəsb etmir. Hesab edirəm, buna da aydınlıq gətirilməlidir.
Nəhayət, sonuncu məsələ. 28.5-ci maddədə göstərilir ki, Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir.
Sonrakı abzasda qeyd olunur ki, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Bu 90 gün hər ikisində qeyd olunur və burada fərq nədən ibarətdir? Əgər ən geci 90 günə qədər verilə bilərsə, ondan sonra Himyəçilik Şurası bunu müstəsna hallarda niyə uzadır? Bu, bütövlükdə əhəmiyyətli qanun layihəsidir və düşünürəm ki, minlərlə insan bu qanun layihəsinin qəbulunu gözləyir. Ümivaram ki, bu qanun əmanətçilərin, sözün əsl mənasında, əmnətlərini sığorta edə biləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əkrəm Abdullayev.
Ə. Abdullayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də öncə çıxış eləyən həmkarlarıma qoşularaq xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik eləmək istəyirəm. Müzakirə elədiyimiz qanun layihəsi çox vacib və əhəmiyyətli bir hüquqi sənəddir. İqtisadi siyasət daimi komissiyasının sədri hörmətli Ziyad müəllim və Milli Bankın İdarə Heyətinin sədri bu qanun layihəsi barədə öz mülahizələrini bildirdilər.
Qanun layihəsi ilə bağlı mənim də bir-iki təklif və iradım var. Layihənin 3.6-cı maddəsində “fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır” fikri gedibdir. İlk öncə xatırlatmaq istəyirəm ki, biz demokratik prinsiplərə əsaslanaraq bazar iqtisadiyyatı qururuq. Hər hansı bir qanun layihəsində bazar subyektlərinə qarşı “məcburi” ifadəsi işlətdikdə, biz onların hüquqlarını pozuruq. Qanun layihəsi əmanətçilərlə yanaşı, bazar subyektlərinin də maraqlarını güdməlidir. Üzv olmayan banklar çalışmalıdırlar ki, Fonda üzv seçilsinlər.
Məlum olduğu kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün ölkənin qanunvericilik bazasında müvafiq dəyişikliklər edilibdir. İqtisadiyyatımızın liberallaşması istiqamətində addımlar atdığımız halda yeni hazırlanmış qanunda inzibati yox, iqtisadi mexanizmlər daha çox yer tutmalıdır. Qeyd olunanlarla yanaşı, nəzərə alsaq ki, 14-cü maddəyə əsasən iştirakçı banklar kompensasiyaların ödənilməsi üçün Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə əlavə haqq da ödəyəcəklər, o zaman bu, heç də müsbət hal deyildir. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyası alan hər bir bank, o cümlədən fəaliyyəti sabit olmayan problemli bank bu Fonda daxil olduqdan sonra müflisləşdikdə, digər sağlam banklar onun öhdəliklərinə görə haqq ödəməlidirlər.
Mən bir daha faiz məsələsinə qayıtmaq istəyirəm. Bir çox banklar bazar iqtisadiyyatına uyğun gəlməyən halları və gələcəkdə mümkün olan dəyişiklikləri nəzərə almadan əmanətləri cəlb edirlər. Bununla da banklar bu gün vəsait əldə etmək məqsədi ilə özlərini gələcəkdə riskə məruz qoyurlar. Tarazlaşdırılmış fəaliyyət göstərən, özlərini əsassız riskə məruz qoyan bankların bu fonda məcburi daxil olması heç də özlərinə xeyir gətirmir. Faiz siyasəti aparan bu banklar Fond vasitəsi ilə gələcəkdə digər bankların öhdəliklərini ödəməli olurlar.
Mən qanun layihəsinə “bu Fonda üzv seçilən hər bir bankın gələcəkdə Fondun digər üzvləri ilə razılaşdırılması” fikrinin əlavə olunmasını təklif edirəm. Məndən öncə Azay müəllim Himayəçilik Şurası ilə bağlı öz təkliflərini bildirdi. Ya 7 nəfərlik tərkibdə say artırılsın, ya da əmanətçilərin hüquqlarını müdafiə edən vətəndaşların sırasındanmı, qeyri-hökumət təşkilatlarındanmı bir nəfər bura əlavə olunsun. Mən də qanun layihəsinə səs verməyimizin tərəfdarıyam. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bütün xalqımızı, millət vəkillərimizi qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Qanun layihəsi vacib, zəruri bir sənəddir. Əmanətlərin sığortalanması ilə əlaqədar qanun layihəsində ətraflı, doğru-dürüst məlumatı o dərəcədə ala bilməsək də, bu qanunun əsas məqsədi və vəzifəsi aydındır.
Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Əmanətlərin sığortalanması vacib şərtdir və vətəndaşların bu sahədəki hüquqlarının qorunması deməkdir. Bu həm də vətəndaşların artıq öz əmanətlərini sandıqda deyil, müxtəlif banklarda saxlamalarına xidmət göstərəcəkdir. Mən bir neçə məqama xüsusi toxunmaq istəyirəm. Birinci, burada göstərilir ki, hansı əmanətlər sığorta olunmur. Bunlar qeyri-qanuni yolla əldə edilmiş əmanətlərdir. Artıq bank prokuror və məhkəmə funksiyasını həyata keçirir. Bu, əvvəla, haradan bilir ki, əmanət qeyri-qanuni yolla əldə olunmuşdur? İkinci, qeyri-qanuni yolla əldə olunmuş əmanətdirsə, niyə bunu götürürsən, saxlayırsan, istifadə edirsən və ondan yararlanırsan? Sonradan da qeyd edirsən ki, bu, qeyri-qanuni yolla əldə olunmuş əmanətdir. Əgər qeyri-qanuni yolla əldə olunmuş əmanətdirsə, onda bankın özü qazandığı faizləri niyə qaytarmamalıdır? Ona görə bunu xüsusi bir hal, banka aidiyyəti olmayan məsələ hesab edirəm. Bu müddəa çıxarılmalıdır. Bu, əslində, Deklarasiya haqqında qanunda ola bilər, ona dair məsələdir.
Sonra burada verilib ki, üzərinə həbs qoyulmuş əmanətlər qorunmur və sığortalanmır. Niyə? Tutalım ki, bir adamın əmanətinə həbs qoyulubdur. Bir-iki ildən sonra məlum olur ki, bu, düzgün deyil. Məhkəmə qərar çıxarır ki, bu əmlakın üstünə tamamilə qeyri-qanuni bir həbs qoyulubdur. Bu şəxs də gəlir, əmlakını alır, görür ki, 20 faiz inflyasiya olunubdur, əmanəti də sığortalanmayıbdır. Onda buna cavabdehliyi kim daşıyır? Halbuki bank özü həmin əmanətdən gəlir götürür. Amma həbs qoyulduğuna görə vətəndaşın burada hüquqları pozulur. Əgər həbs düzgündürsə, bunu başa düşmək olar ki, həbs qanunidir, mübahisələrin, yenidən məhkəmə araşdırmalarının nəticəsi yoxdur.
Növbəti, 3-6-cı maddədə göstərilir ki, iştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən özəl filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. Mən Azərbaycan vətəndaşıyam, Türkiyə səfirliyində işləyirəm. Türkiyədə Beynəlxalq bankın, yaxud “Azəriqazbank”ın filialı var. Mən aparıb əmanətimi ora qoyuram. Niyə mənim əmanətim sığortalanmamalıdır? Yaxud onun əksi 3.7-ci maddədə verilibdir. Qeyd olunur ki, Azərbaycanda olan xarici bankların filiallarına qoyulan vəsait sığortalanmır. Azərbaycanda əgər o, fəaliyyət göstərirsə, onda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərməlidir. Ona görə, sual olunur ki, niyə sığortalanmamalıdır? Məsələn, Almaniyanın hər hansı bir bankı var, onun Azərbaycanda filialı fəaliyyət göstərir. Mən əmanətimi aparıb ora qoyuramsa, deməli, bu, sığortalanmamalıdır. Sığortalanmırsa, belə çıxır ki, mənim əmanətim inflyasiya olunur. Dediyim bu məqamlarla kifayətlənmək istəyirəm.
Əlbəttə, başqa məsələlər də var. Mən indi onlara toxunmaq istəmirəm. Bununla əlaqədar deputat həmkarlarım da öz fikirlərini dedilər. Mən hesab edirəm ki, deyilənlərin hər birinə xüsusi diqqət yetirmək lazımdır. Yeri gəlmişkən, Fondun idarə heyəti üzvlərinin, yaxın qohumları ilə bağlılığı məsələsinə toxunmaq istəyirəm. Mülki Məcəllədə qohumluq əlaqələrinin düzgün anlayışı verilibdir. Ancaq buradakı müddəa ilə Mülki Məcəllədəki anlayış üst-üstə düşmür. Mülki Məcəllədəki “qohum kimdir” anlayışı burada olduğu kimi əksini tapmalıdır. Ümumilikdə, deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Mən hesab edirəm ki, geniş müzakirələrə ehtiyac yoxdur, bir neçə çıxışdan sonra məsələni yekunlaşdıra bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Görünür, səndə bayram əhvali-ruhiyyəsi var. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Mən hesab edirəm ki, qanun yaxşı hazırlanıb, işçi qrupu bunun üzərində çox ciddi çalışıbdır. Bu qanunun qəbul edilməsinə böyük ehtiyac var, çünki bu gün ölkədə 40-dan çox bank fəaliyyət göstərir və onlara qoyulan əmanətlərin sayı durmadan artır. Vaxtaşırı qoyulan əmanətlərin ümumi həcmi haqqında məlumat alırıq və ildən-ilə də bunun həcmi artır. İndiyə qədər əmanətlərin sığortalanması haqqında qanun olmasa da, vətəndaşlar banklara inanırlar. Mənə elə gəlir ki, ilk böyük inam, ilk növbədə, dövlət başçımız cənab İlham Əliyevin, ondan əvvəl isə mərhum prezident Heydər Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində yaranmışdır. İnsanlar bu siyasətin uğurlarına inanır, nəticələrini də görürlər. Buna görə də onlar hətta bu qanun olmadan öz əmanətlərini çəkinmədən banklara etibar edirlər.
Mənim konkret təkliflərim var, təəssüf edirəm ki, bunları konkret maddələrlə bağlamayacağam. Ona görə işçi qrupundan və komissiyadan üzr istəyirəm. Bununla belə, deyəcəyim təkliflərin nəzərə alınmasını xahiş edirəm. Burada bildirilir ki, Fonda üzv banklar var, eyni miqdarda üzvlük haqqı ödəyirlər. Mən hesab edirəm ki, bu, eyni miqdarda olmalı deyil. Hər bank üzvlük haqqını nizamlama kapitalının həcminə uyğun şəkildə ödəməlidir. Çünki banklar hüquqca bərabər olsalar da, bunların nizamlama kapitalı arasında fərqlər mövcuddur. Hal-hazırda nizamlama kapitalı 5 milyon manat olan banklar da var. Artıq 20 milyon manatdan çox olana da təsadüf edirik. Sabah nəzəri şəkildə sığorta hadisəsi baş verərsə, belə çıxır ki, həcmin az və ya çox olmasına məhəl qoymadan onlar eyni məbləğdə sığorta kompensasiyası alacaqlar. Bu, bankların fəaliyyətinə ədalətsiz yanaşmadır. Bu mexanizmi işləyib qanuna salmaq olar və ya qanunda bir müddəa ilə bunun işlənməsi fikri qoyula bilər.
Əmanətçi bilməlidir ki, bu qanunla onun əmanətləri qorunur. Amma o bunu müraciətlə, yaxud da mətbuatdan tapıb oxumaqla bilməli deyil. Mən təklif edirəm ki, bundan sonra banklar tərəfindən əmanətçilərə verilən kitabçada bu qanundan çıxarışlar verilsin. Bu, qoy 3-5 bənd olsun, ancaq pulunu banka etibar edən şəxs əmanət kitabçasına baxanda bilsin ki, bunun qoyduğu əmanət dövlət tərəfindən xüsusi qanunla qorunur.
Sonra, mən Əmanətlərin Sığortalanması Fondunda işçilərin sayının limitinin müəyyənləşdirilməsini də təklif edirəm. Çünki burada bildirilmir ki, orada işçilər neçə nəfər olacaq. Sabah bu limit müəyyənləşdirilmədiyindən Fonda yığılan vəsaitin böyük bir hissəsi oradakı işçilərin əmək haqqına, sağlamlığın qorunması faizinə, mükafata və sair işlərə xərclənə bilər. Ona görə də indidən bu limiti müəyyənləşdirmək lazımdır.
Eyni zamanda, belə bir nəzəri sualım da var. Arıq uzun müddətdir ki, Azərbaycanda iflasa uğramış bank yoxdur. Allaha çox şükür. Deməli, aparılan uğurlu iqtisadi siyasət nəticələrini verir. Bank sistemində ciddi nəzarət nəticəsində bu, mümkün olmayıbdır. Amma belə bir sual yaranır: Tutaq ki, bundan sonra da olmadı, o zaman uzun müddət Fondda yığılan üzvlük haqqı vəsaitinin taleyi necə olacaq? 5 il, 10 il, 50 il Azərbaycanda bu hadisə baş vermədi və bu Fondda milyard manatlarla pul yığıldı. Bəs o pulun taleyi necə olacaq? Gələcəkdə bu pulun bir hissəsini başqa istiqamətlərə yönəltmək mümkün olacaqmı, yoxsa toxunulmaz vəsait kimi əbədi olaraq bu Fondun hesabında qalacaqdır? Qanun layihəsini yaxşı işlənmiş bir hüquqi sənəd kimi qiymətləndirirəm. Bu gün mən də onun həm ikinci, həm də üçüncü oxunuşlarda qəbul edilməsinin tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildirmək istəyirəm ki, Əmanətlərin sığortalanması haqqında qanun layihəsi bank sisteminin möhkəmləndirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.
Heç kəsə sirr deyil ki, gördüklərinə və bildiklərinə əsasən əhalinin əksəriyyəti banklara etibar etmirdi. Çünki 1990-cı illərin əvvəllərində mövcud olmuş “Vahidbank”, “Mərhəmətbank”, “Etimadbank”, “Xəyalbank” kimi bankların yarıtmaz və fırıldaqçı fəaliyyəti əhalinin bank sisteminə, xüsusən özəl bank sisteminə etibarını tamamilə itirmişdi. Müəyyən qədər pulu olan imkanlı şəxslər onda öz vəsaitlərini xarici banklara etibar etməyi üstün tuturdular.
Hesab edirəm ki, bu qanunun qəbul edilməsi insanların banka etibarını bərpa edəcəkdir. Çünki banklar və xarici bankların yerli filialları əmanəti ödəmək qabiliyyətini itirdikdə, vətəndaşlardan qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək bu qanunla tənzimlənəcəkdir. Qanuna əsasən ölkəmizdə fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sistemi yaradılır, əmanətlər üzrə kompensasiya ödənilməsi qaydaları müəyyən edilir. 4 fəsil, 32 maddədən ibarət qanun layihəsində Əmanətlərin Sığortalanması Fondunun yaradılması nəzərdə tutulur. Hüquqi şəxs olan Fondun sığorta ehtiyatları iştirakçı bankların üzvlük, təqvim və əlavə haqları, həmçinin onlar tərəfindən ödənilən dəbbə pulları hesabına formalaşacaq.
Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri də həmin mənbələrdən biridir. Fond qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Yəni onun əsas məqsədi mənfəət götürmək deyil. Onun fəaliyyəti nəticəsində əldə olunan mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Fond əməkdaşları funksiya və səlahiyyətlərinin yetirilməsinə görə qanun qarşısında cavabdehdirlər.
Təqdirəlayiq haldır ki, fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçıları olacaqlar. Yəni Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün banklar məcburi qaydada bu qurumun iştirakçısına çevrilməlidirlər və bu proses gedir. Dünyanın 100-ə yaxın ölkəsində əmanətlərin sığortalanması prosesi artıq mövcuddur, 23 ölkədə, o cümlədən də bizdə bu sistem yaradılmaq üzrədir.
Əmanətlərin sığortalanması haqqında qanun layihəsi sosial və iqtisadi yükə malik olan bir sənəddir. Hazırda 1 milyona yaxın əmanətçi vardır ki, bu qanun onların mənafeyini müdafiə edəcəkdir. Lakin unutmaq lazım deyil ki, imkan daxilində yüksək faiz dərəcəsi əhalinin mənafeyinə uyğun şəkildə tənzimlənməlidir. Hesab edirəm ki, qanun çox yaxşı hazırlanıb, dili və üslubu da aydındır. Ona görə də bu qanunun tezliklə qüvvəyə minməsi üçün bütün deputatları bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseynin sualı var. Buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Mənim sualım odur ki, Ziyad müəllim, Elman müəllim dediyimə aydınlıq gətirsin. Bunun əlavə xərc tələb edəcəyi aydın məsələdir. Azərbaycanda camaat təkcə əmanətçilərdən yox, həm də kreditorlardan ibarətdir. Bizdə bu kredit faizi kifayət qədər yuxarıdır. Bu qanun onların daha da artmasına səbəb olmayacaqdır ki?
Sədrlik edən. Əgər yazılanlardan təkid eləyən yoxdursa, onda Çingiz müəllimə söz verək. Buyurun.
Ç. Əsədullayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli Milli Bankın nümayəndələri! Mən də qeyd edirəm ki, müzakirəyə çıxarılan qanun layihəsini çox vacibdir. Artıq 27 ildir, bank sistemində çalışıram. 12 ildir, − Nizami müəllim də çox düz qeyd elədi, − bank adı ilə üzə çıxan, lakin bank olmayan qurumlar bazardan gediblər. Bank lisenziyalarına malik olmayan banklar neçə illərdir ki, əhalinin bank sisteminə qarşı etibarını pozublar. Bugünkü qanun layihəsi, mən hesab edirəm, artıq illərdən bank sistemində gözlənilən, yaxşı mənada bir çevrilişdir. Mən arzu edərdim ki, bu gün hamı bu qanunun lehinə səs versin. Eyni zamanda, millət vəkillərindən bir xahişim də var ki, biz bu gün qanun layihəsini həm ikinci, həm də üçüncü oxunuşlarda qəbul eləyək. Ona görə ki, bu gün əhali, bütün bank sistemi bu qanunu gözləyir. Qoy bununla əhalinin bank sisteminə olan etibarı qat-qat artsın. Mənə elə gəlir ki, qanun qəbul edildikdən sonra bank sistemində həm faizlərin düşməsində, həm depozitlərin cəlbində, həm də bununla bağlı digər məsələlərdə, həmçinin iqtisadi göstəricilərdə bunun yaxşı nəticələrini tezliklə görəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyad Səmədzadə, ya Elman müəllim sualları cavablandırsınlar, sonra qanun layihəsini səsə qoyaq. Elman müəllim, buyurun.
E. Rüstəmov. Çox sağ olun. Qanun layihəsinə hətta ikinci oxunuşda belə ciddi marağı olduqca təbii hesab edirəm. Qanun, bir daha qeyd olundu ki, olduqca mühüm bir sosial-hüquqi sənəddir. Təbii ki, millət vəkilləri öz seçicilərinin mənafelərini indidən müəyyən dəyişikliklər edilməsinə dair təkliflərlə qoruyurlar. Mən burada qaldırılan bir sıra məsələlərə öz münasibətimi bildirmək istəyirəm.
Faizlər haqqında artıq deyildi. Biz qarşılıqlı güzəşt əsasında razılaşmaya gəlmişik. Hesab edirəm ki, 1,8 misli çox normaldır və bugünkü maliyyə bazarındakı vəziyyəti əks etdirir.
Himayəçilik Şurasının tərkibinin artırılması, burada əmanətçilərin təmsil olunması beynəlxalq təcrübədə yoxdur. Bu gün əmanətçilərin mənafeyini təmsil edən bir orqan da yaranmayıbdır. Milli Bankla dövlətin münasibətləri barədə deyildi. Bəli, Milli Bank və dövlət Himayəçilik Şurasında bu Fondun idarə olunmasında iştirak edirlər. Lakin dövlət Fondun yaradılmasında, onun formalaşmasında maliyyə cəhətdən iştirak eləmədiyinə və bu təchizat, bankların özünün kollektiv zəmanət mexanizmi olduğuna görə, hesab edirəm ki, dövlət və Milli Bank kimi bu Fondun öhdəlikləri üçün cavab vermir. Yadınızdadırsa, “Milli Bank haqqında” Qanunda belə bir müddəa var ki, hökumət Milli Bankın öhdəlikləri üçün cavab vermir.
Fondun ləğvi haqqında məsələyə də toxunuldu. Fondun ləğvi xüsusi bir qanunla tənzimlənməlidir. Bu Fond olduqca mühüm bir institutdur və bu, adi prosedurlarla ləğv oluna bilməz. Belə bir qanuna ehtiyac var. O cümlədən yenə buna bənzər onu da qeyd edim ki, “Milli Bank haqqında” Qanunda bu müddəa da var ki, Milli Bank adi prosedurlarla ləğv oluna bilməz. Milli Bank ancaq xüsusi prosedurlarla, əgər zərurət olsa, ləğv edilə bilər. Bu qanuna, əlbəttə, heç ehtiyac yoxdur. Əgər belə bir zərurət yaransa, nəzəri olaraq belə bir qanuna da ehtiyac olacaqdır, onun vasitəsi ilə fond ləğv oluna bilər.
Kompensasiyaların verilməsinin 90 gün də uzadılması məsələsi bu qanun layihəsinin ilk müzakirəsi keçən dövrlərdə qalxmışdı. Şəxsən mən özüm təklif elədim ki, 90 gün olsun. Baxmayaraq ki, Əmanətlərin sığorta fondunun yaradılması haqqında xüsusi Avropa Direktivləri var. Həmin direktivlərdə bu müddət 270 gündür. Bizim bank bazarında olan vəziyyəti, köhnə əmanətlərlə bağlı vaqiələri nəzərə alaraq biz bu müddəti 3 dəfə qısaltdıq. Təbii ki, çox qısa bir müddətdə əhalinin əmanəti özünə qaytarılmalıdır və xüsusi hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə bu müddət 90 gün də uzadıla bilər.
Burada millət vəkili Əkrəm Abdullayev çox mühüm bir məsələni qeyd elədi. O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması və məcburi sığorta məsələsinə toxundu. Burada fəlsəfi məntiq bir az başqa cürdür. Söhbət ondan getmir ki, bu gün-sabah bankları məcbur edərlər ki, siz əmanətləri sığortalamalısınız. Məcburi sığorta ilə bunu eyniləşdirmək lazım deyil. Bu gün bank bazarında 45-ə yaxın bank var. Məqsəd odur ki, kim dövlətdən lisenziya alırsa və bank işi ilə məşğul olursa və onun fəaliyyətinin əsasını əhalidən əmanətlərin cəlb olunması təşkil edirsə, o bunu, əmanətlərin sığortalanmasını hökmən öz üzərinə öhdəlik götürməlidir. Yəni qəbul etdiyi əmanətləri sığortalamalıdır, əhali üçün zəmanət yaratmalıdır. Bu arqumentə qarşı çıxış eləmək isə olduqca çətindir. Bu, sadəcə olaraq, həmin təchizatın bank bazarına buraxılmasının şərtidir.
Biz yeni dövlətik, keçid dövrünü yaşayırıq. Bu qanunun yaradılması ilə bankların yaradılması arasında müəyyən bir dövr fərqi var. Dövlət 12 ildən sonra mövcud olan məsələyə qayıdır və deyir ki, lisenziya alan, əmanətlə işləyən hər bir bank hökmən əhalinin əmanətlərini sığortalamalıdır. Bütün bunların dövlət tənzimlənməsi və institut sxemi yaranır. Məsələ bundan ibarətdir. Bu, güzəştlər əleyhinə gedən mənafeləri qorumayan qanun deyil, əksinə, güzəştləri təmin edən, mənafeləri qoruyan bir hüquqi sənəddir. Mən öz çıxışımın əvvəlində dedim ki, burada həm əhalinin, həm də bankların mənafeyi güdülür. Təsəvvür edin ki, bank bu prosesdə iştirak etmir. Onda nə olacaq? Təbii ki, o, bazardakı rəqabət mübarizəsində uduzacaqdır. Əmanətçilər sığorta sistemi olan banklara üstünlük verəcəklər. Təbii ki, elə bir bank tanımıram. Dövlət tərəfindən bankların çox ciddi seçimi olacaqdır. Hər bir bank sığorta fonduna özünün tənzimləmə, kapitallaşma sisteminə və digər meyarlarla bu tələblərə cavab verib, verməməyinə görə buraxılacaq.
Hörmətli millət vəkili Siyavuş Novruzov bir neçə məsələ qaldırdı. Sığorta olunmayan, qeyri-qanuni əmanətlər məsələlərinə toxundu. Burada söhbət faktiki əmanətlərdən getmir. Əgər əmanət varsa, təbii ki, o, qanunidir. Bilirsiniz ki, ölkəmiz bir sıra beynəlxalq münasibətlərə qoşulubdur. Çirkli pulların yuyulmasına dair xüsusi qanunvericilik qəbul olunacaq və ona əsasən ölkədə maliyyə kəşfiyyatı orqanı yaradılacaqdır. Məhz həmin təşkilatın, o təsisatın təqdimatı ilə hər hansı bir əmanət şübhəli hesab olunarsa, həmin meyarla o, qeyri-qanuni sayılacaqdır. Sığorta fondu tərəfindən əmanəti qaytarmaq tələbi yarananda, təbii ki, belə bir şübhə varsa, xüsusi təhqiqatla əmanətin qeyri-qanuni olması müəyyən edilirsə, onda həmin vəsait qaytarıla bilməz. O cümlədən həbs qoyulmuş əmanətlərin də aqibəti belə olur. Bu zaman məhkəmə xüsusi hökm çıxarmalıdır. Əmanət əgər bəraət alıbsa, əmanətçinin bütün hüquqları, o cümlədən həbs dövründə əmanətlərə faiz qoyulması, əmanətçinin onu bankda saxlamaq və ya geri almaq hüququ bərpa olunacaqdır.
Xarici banklara qoyulan əmanətlərin sığortalanması məsələsi tamam başqa cür olur. Beynəlxalq Bankla bağlı sualınız oldu. Dediniz ki, onun Moskvada və ya Türkiyədə olan filialına əmanət qoymaq, onu sığortalamaq olarmı? Onları filial adlandırmırlar. Ona “doçernı” bank deyirlər. Bu, Beynəlxalq Bankın Rusiyadakı rezidentidir. Təbii ki, orada həm Rusiya vətəndaşları, həm də Azərbaycan vətəndaşları əmanət qoya bilərlər. Amma ora nəzarət Rusiyanın Mərkəzi Bankı tərəfindən həyata keçirilir və fəaliyyəti yerli qanunvericiliklə tənzimlənir. Ona görə bizim vətəndaşların həmin banklara qoyulan əmanətləri Azərbaycanda yaradılmış sığorta fondu ilə tənzimlənə bilməz. O cümlədən xarici bankların respublikamızdakı təsisatları da Azərbaycan qanunvericiliyi ilə tənzimlənir.
Qanunda və beynəlxalq təcrübədə belə bir müddəa var ki, həmin dövlətdə daha üstün sığortalanma mexanizmi mövcud olarsa, − Azərbaycanda əmanətlərin səviyyəsini bilirsiniz, − qanunvericilik orada tətbiq oluna bilər. Dediyiniz digər məsələlərə hüquqi cəhətdən yanaşmaq olar. Onlara hüquqşünaslar baxar və dəqiqləşdirmə apararlar. Fondun idarə olunması məsələsinə gəldikdə, onun işçi heyəti yaradılır, limiti, büdcə məsələləri olur. Bunlar Himayəçilik Şurası tərəfindən həyata keçirilir. Bir daha Fondun idarə edilməsi məsələsinə qayıdıram. Azərbaycanın qanunvericilik təcrübəsində birinci institutdur ki, banklar dövlət orqanları ilə bir yerdə oturub məsələləri müzakirə edəcəklər. Burada bankların özünün üzvlüyü şəffaflığı təmin eləyən bir element olacaqdır. Banklar özləri görəcəklər ki, bu vəsaitdən istifadəyə həm peşəkarlıq, həm qanunvericilik baxımından nəzarət vardır. Onlara məlum olacaq ki, inzibati xərclər, o cümlədən fondun vəsaitlərindən istifadə olunması nə dərəcədə riskli və qeyri-riskli məsələdir. Bir yerdə idarədə, təbii ki, bankların sözü, onların fikirləri olduqca əhəmiyyətli olacaq və nəzərə alınacaqdır. Azərbaycan bank bazarında iflasa uğrayan bankın meydana çıxması təcrübəsi yoxdur.
Çingiz müəllim də qeyd etdi, adları çəkilən təşkilatlar özlərinə, sadəcə olaraq, bank adı qoymuşdular. Problemlər nədən yaranır? Vəsait toplanır, onun sonrakı taleyi düzgün həll olunmur. Birinci qanunda bu vəsaitlərin toplanma həddi qoyulubdur. 5 faizə çatanda, ödənişlər dayandırılır. Depozitlər dayandırılandan sonra hər bir bank ödənişlə toplanan vəsaitin sahibidir. Əgər başqa bir vəziyyət meydana çıxarsa, sabah iştirakçı bank müəyyən problemlə üzləşib özünü ləğv edə bilər. Bu zaman həmin vəsaitin fonddan geri götürülməsi imkanı itmir. Belə bir vəziyyət yoxdursa, onda bank vəsaitinin sahibi olaraq qalır, əmanət orada saxlanılır, idarə olunur. Bank faizlə artan gəlirin sahibi olur. Ən başlıcası isə bu deyil. Ən başlıcası odur ki, bu vəsaitin yaranması, Fondun üzvü olması ilə bank üstünlüklərə malik olur. Əmanətçilərdə bu bankı Fondun üzvü kimi qəbul edir və öz vəsaitlərini burada yerləşdirirlər.
Nəhayət, sonda Pənah bəyin sualına cavab vermək istəyirəm. Bu xərcləri kim ödəyəcək? Mən artıq qeyd elədim ki, Fondun iştirakçı bankları rəqabət mübarizəsinə girəcəklər. Onlar çalışacaqlar ki, öz əmanətçilərindən daha üstün şərtlərlə əmanətləri qəbul eləsinlər. Belə olan şəraitdə banklar bunu əmanətçilərin hesabına edə bilməyəcəklər. Dediyim müddətdə bu ödənişlər üçün belə bir incə balansın axtarılmasının əsas səbəbi ondan ibarət idi ki, banklar öz xərclərini hesablayırdılar. Bu da təbiidir. Onlar özəl sektora daxildirlər. Gəlirlərini hesablayır və başa düşürlər ki, burada onlar müəyyən xərclər çəkməlidirlər. Bununla onların ehtiyat bazası daha da möhkəmlənəcək. Banklar müəyyən xərclərə məruz qalsalar da, bütövlükdə geniş miqyaslı artımdan, inkişafdan böyük gəlir əldə edəcəklər.
Mən bir sıra ölkələrin, o cümlədən Qazaxıstanın timsalında deyə bilərəm ki, sığorta fondu yaradılandan sonra bank sistemi necə ardıcıl inkişaf yoluna düşür. Banklarda kapital artımı, mənfəəti və rentabellik yüksəlir. Bir daha hamınıza təşəkkür edirəm və sizi bu layihəni müdafiə etməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Qanun layihəsi ikinci oxunuşda müzakirə edilir. 32 maddə, 4 fəsildən ibarət olan layihəni fəsil-fəsil səsə qoymalıyıq. I fəsil – Ümumi müddəalar. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
II fəsil – Əmanətlərin Sığortalanması Fondu. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
III fəsil – Əmanətçilərin fondla və iştirakçı banklarla münasibəti. Kompensasiya ödənişi.
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
IV fəsil – Yekun müddəaları. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Qanun layihəsinin ikinci oxunuşda bütövlükdə qəbul edilməsinə münasibətinizi bildirməyinizi xahiş edirəm.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qanun ikinci oxunuşda qəbul edildi.
Qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmasına, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, hörmətli millət vəkilləri! Qanun qəbul edildi. Milli Bankın sədrini və onun işçilərini qanunun qəbulu ilə əlaqədar təbrik edirik!
Gündəliyin 8-ci məsələsi. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi haqqında. Söz İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə verilir.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İndicə qəbul edilən qanun, sözün əsil mənasında, yeni il üçün ən layiqli hədiyyədir. Çünki Azərbaycan əhalisi, xüsusi ilə əmanətçilər bunu çoxdan gözləyirdilər. Rəqabət Məcəlləsi də bu kimi xoş sözlərə layiqdir. Azərbaycan dinamik inkişaf edir və beynəlxalq inteqrasiya əlaqələrinə qoşulur. Şübhəsiz, XXI əsrdə Azərbaycanın gələcəyini, onun ardıcıl iqtisadi inkişafını təmin edəcək ən güclü amillərdən biri o olacaq ki, ölkəmiz bütün sahələrdə rəqabətə davamlı bir dövlətə çevriləcək və fəaliyyət göstərəcəkdir. Rəqabət Məcəlləsi məhz bu məqsədlərə, vəzifələrə və amallara xidmət edən qanun layihəsidir.
Cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi Azərbaycan qanunvericiliyində yeni bir mərhələnin başlanması deməkdir. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında”, “Haqsız rəqabət haqqında” qanunları və 6 normativ hüquqi aktın əsaslarını özündə ehtiva edir. Məcəllə layihəsində antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması qaydalarının, əmtəə bazarlarının həcminin və sərhədlərinin müəyyən olunması üzrə metodiki tövsiyələrin, inhisarçı müəssisələrin istehsal etdikləri məhsulun, rentabelliyin son həddi tətbiq olunmaqla, qiymətlərinin hesablanması qaydalarının, inhisarçı müəssisələrin dövlət reyestri haqqında əsasnamə və əmtəə bazarlarında inhisarçılıq fəaliyyətini və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, istehlakçıların hüquq və mənafelərinin qorunması və haqsız reklam sahələrində həyata keçirilən antiinhisar siyasətinin təşkilatı-hüquqi əsaslarının vahid toplusudur.
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi ümumi və xüsusi hissələrdən, 19 fəsil və 97 maddədən ibarətdir. Məcəllədə antiinhisar qanunvericiliyi, antiinhisar siyasəti anlayışları, antiinhisar fəaliyyəti və antiinhisar siyasətin hüquqi əsasları, prinsip və istiqamətləri, antiinhisar orqanının əsas funksiyaları və vəzifələri, onun digər dövlət orqanları ilə qarşılıqlı əlaqə formaları ardıcıl surətdə açıqlanmışdır. Burada həmçinin ölkənin əmtəə bazarlarında inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, istehlakçıların hüquq və mənafelərinin qorunması və haqsız mərkəzləşdirilmiş dövlət siyasətinin həyata keçirilməsinin üsul və formaları öz əksini tapmışdır.
Rəqabət Məcəlləsi layihəsində razılaşdırılmış hərəkətlər, birləşdirilmə və qovuşmalar, inhisarçı mövqedən sui-istifadə kimi inhisarçılıq hərəkətləri, dövlət və təbii inhisarçılıq formaları, həmçinin rəqibin təsərrüfat fəaliyyətinin tətbiqi, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması, işgüzarlıq davranışı, istehlakçıların çaşdırılması və sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi kimi haqsız rəqabət formaları ətraflı şərh olunmuşdur.
Rəqabət Məcəlləsinin layihəsində təbii inhisara aid olan fəaliyyət sahələrinə, bu fəaliyyət subyektlərinin dövlət tənzimlənməsi üsullarına, onların dövlət reyestrinin formalaşdırılması və aparılması qaydalarına, maliyyə xidməti bazarında rəqabətin qorunmasına, təsərrüfat subyektləri və maliyyə təchizatlarının yaradılmasına, Azərbaycan Respublikası Milli Bankının, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının maliyyə xidmətləri bazarında rəqabətin məhdudlaşdırılmasına yönələn normativ hüquqi aktlarına və fəaliyyətlərinə dair məsələlərin açıqlanması verilmişdir.
Rəqabət Məcəlləsi layihəsində antiinhisar qanunvericiliyin haqsız rəqabət formalarının, istehlakçıların qanuni hüquq və mənafelərinin, maliyyə xidmətləri bazarında reklam fəaliyyətində rəqabətin məhdudlaşdırılmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin məsuliyyəti, həmçinin “Antiinhisar haqqında” Qanunun tətbiq etdiyi cərimə və maliyyə sanksiyalarının ödənilməsi və bununla əlaqədar olaraq bank və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarının məsuliyyəti də nəzərdə tutulmuşdur.
Rəqabət Məcəlləsinin qəbul edilməsi zərurətini şərtləndirən amillər vardır. Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart, “Haqsız rəqabət haqqında” 1995-ci il 2 iyun, “Təbii inhisarlar haqqında” 1998-ci il 15 dekabr, “Reklam haqqında” 1997-ci il 30 oktyabr tarixli qanunları və qəbul edilmiş digər normativ hüquqi aktların hər biri öz dövrünə məxsus olan sosial-iqtisadi şəraitə və inkişaf səviyyəsinə uyğun idi. Həmin dövr üçün mövcud və aktual olan bazar münasibətlərinin tənzimlənməsinə yönəldən rəqabətin məhdudlaşdırılmasına və inhisarçılığa qarşı aparılan mübarizənin metod və üsulları da güclənməkdə olan iqtisadi qloballaşma, Azərbaycanın dünya bazarına ardıcıl surətdə inteqrasiyası və transmilli şirkətlərin ölkəmizdə fəaliyyət dairələrinin sürətlə genişlənməsi şəraitini yaratmışdı. Lakin bu şərait artıq müasir dövrün tələbləri ilə uzlaşmayaraq bir növ mənəvi aşılanmaya məruz qalmışdı.
Həqiqətən, son 12 ildə Azərbaycan cəmiyyətində, Azərbaycan iqtisadiyyatında, Azərbaycan dövlətçiliyində böyük keyfiyyət dəyişiklikləri əmələ gəlmişdir və qəbul edilmiş qanunlarla artıq müasir dövrün tələbləri arasında müəyyən dərəcədə ziddiyyət yaranmışdır. Bunlardan əlavə aradan ötmüş 12 ildən çox müddət ərzində respublikanın antiinhisar orqanı tərəfindən əldə olunmuş müsbət təcrübənin hüquqi cəhətdən formalaşması və əsaslandırılması, antiinhisar qanunvericiliyinin bu vaxta qədər işlənməmiş prosessual və praktiki tətbiqinin müddət və metodlarının bir toplu halında cəmləşdirilməsi Rəqabət Məcəlləsinin qəbul edilməsinə istiqamət vermişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının bütün qanunvericilik aktlarına, o cümlədən antiinhisar qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər də dövlətin tamamilə yeniləşmiş hüquqi sistemi ilə ayaqlaşa biləcək Rəqabət Məcəlləsi layihəsinin ictimai rəyə təqdim edilməsini şərtləndirmişdir. Eyni zamanda, əhəmiyyətli şərtlərdən biri Azərbaycan Respublikasının da daxil olduğu MDB məkanının durmadan inkişaf etməsi, bu ölkələrdə baş verən iqtisadi dəyişikliklərin yeni hüquqi konsepsiyasının meydana gəlməsidir.
1995–1997-ci illərdən fərqli olaraq bu gün respublikada istehsal olunan ümumi daxili məhsulun 80 faizə qədəri özəl sektorun payına düşür. İstər ölkə daxilində, istərsə də MDB məkanında fəaliyyət göstərən sahibkarlar və təsərrüfat subyektləri arasında mənfəət uğrunda, sözün həqiqi mənasında, iqtisadi mübarizə gedir. Bu, fəaliyyət sahələrinə düşünülmüş və çevik müdaxilə üsullarının beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun olaraq hüquqi əsaslandırılmasını tələb edir.
Azərbaycan Respublikası tərəfindən Avropaya inteqrasiya istiqamətində edilən cəhdlərə cavab olaraq bu qurum tərəfindən ölkənin qanunvericilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması tələbi də yeni Rəqabət Məcəlləsinin qəbulunu zəruri etmişdir. Bu səbəbdən Rəqabət Məcəlləsinin layihəsi müzakirə olunmaq, ona irad və təklifləri bildirmək üçün 14 nazirlik, komitə və digər dövlət qurumlarına göndərilmişdir. Dünya Bankının nümayəndələri və ekspertləri ilə Bakıda keçirilən bir neçə işgüzar görüş zamanı bu sənəd ətraflı müzakirə edilmiş, dünya qanunvericilik təcrübəsinə uyğun şəkildə yenidən işlənərək müsbət qiymət almışdır.
Mən məlumat üçün bildirmək istəyirəm ki, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Milli Bank və digər iqtisadi qurumların iştirakı ilə İqtisadi siyasət daimi komissiyasında Rəqabət Məcəlləsi layihəsi ətraflı müzakirə olunmuş və dəyərli təkliflər irəli sürülmüşdür. Bundan sonra birmənalı olaraq Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunmuşdur.
Məcəllə layihəsini mövcud antiinhisar qanunvericiliyi aktlarından fərqləndirən və onun qəbul edilməsini şərtləndirən mühüm səbəblərdən biri də budur ki, burada təsərrüfat subyektləri tərəfindən antiinhisar orqanından, onun antiinhisar qanunvericiliyinin pozulması haqqında iş üzrə qərar və göstərişlərindən, vəzifəli şəxslərin hərəkətlərindən şikayət verilməsi qaydaları öz əksini tapmışdır. Layihədə antiinhisar orqanının vəzifəli şəxslərin hüquqi statusu, əmək haqqının ödənilməsi və sosial təminatı məsələlərinə də kifayət qədər yer verilmişdir.
Məcəllə layihəsində, həmçinin antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinə dair sənəd və materialların götürülməsi üçün bu orqanın məhkəməyə müraciət etməsinin əsasları və qaydaları da verilmişdir. Məsələ ondadır ki, antiinhisar orqanın fəaliyyətinin tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş qanunlar və normativ hüquqi aktlar vahid sistem halında olmadığından, onların tətbiqi mexanizmi, qanun pozuntusunun araşdırılması və məsuliyyətə cəlb etmənin əsasları bir-birindən fərqlənir. Bu hal təsərrüfat subyektləri, məhkəmə orqanları və dövlət qulluqçuları tərəfindən həmin normaların düzgün qavranılmasını, tətbiqi və onlara riayət edilməsini xeyli çətinləşdirir. Məcəllə layihəsində bütün qanunvericilik sənədləri sistemləşdirilmiş, yol verilmiş təkrarçılıq, uyğunsuzluqlar aradan qaldırılmışdır.
Rəqabət Məcəlləsinin layihəsi və hazırda qüvvədə olan antiinhisar normaları arasında konkret fərqlərdən biri də qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətinə dair normaların dəqiqləşdirilməsidir. Hazırda qüvvədə olan antiinhisar qanunvericiliyinin normaları həm qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının, həm də qanunsuz əldə olunmuş mənfəət və gəlirin miqdarının şərti maliyyə vahidi ilə hesablanmasını tələb edirdi. Bu məcəllə layihəsində isə dünya bankı ekspertlərinin təkid və təklifi ilə yalnız qanunsuz əldə olunmuş mənfəət və gəlirin müəyyən faizinin dövlət büdcəsinə alınması nəzərdə tutulmuşdur. Dünya Bankı ekspertlərinin tövsiyələrini nəzərə alaraq məcəllə layihəsində “təbii inhisar” anlayışı dəyişilərək aşağıdakı qaydada verilmişdir: “Əmtəə bazarının istehsal texnologiyasının xüsusiyyətlərindən irəli gələn elə bir vəziyyətidir ki, burada bir təsərrüfat subyekti iki və ya daha çox təsərrüfat subyektindən daha az məsrəflərlə tələbin ödənilməsinə xidmət edə bilir”.
Məcəllə layihəsində quruluş və sistemləşdirmə ilə bağlı edilən yeniliklərlə yanaşı, iqtisadiyyatın inkişafının indiki və ya yaxın gələcəkdə yaranacaq tələblərinə uyğun bir sıra konkret dəyişikliklər nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, cənab Sədr! Mən demək istəyirəm ki, bu, taleyüklü bir qanun layihəsidir. Artıq adlarını çəkdiyim bir neçə qanun, normativ hüquqi akt bu məcəllə qəbul edildikdən sonra aradan götürüləcək. Ona görə də mənə, həmçinin bizim komissiyanın üzvlərinə bu məcəllə ilə tanış olduqdan sonra sistemli təkliflər irəli sürmək çox çətin gəlirdi. Buna baxmayaraq, layihənin komissiyada müzakirəsi zamanı yenə də çoxlu dəyərli təkliflər irəli sürüldü. Bu qanunun tərtibi, quruluşu, maddələri haqqında ziddiyyətli fikirlər deyildi. Burada qanunvericiliyi icra edən orqanın səlahiyyətlərinin həddindən artıq şişirdilməsinə yol verilməyəcək. Bir neçə müddətdən sonra Azərbaycanda xüsusi nəzarət orqanının yaradılması ilə əlaqədar olaraq bizdə fəaliyyət göstərən transmilli şirkətlərin iqtisadiyyatımıza təsiri, daxili bazarın qorunması, rəqabət prinsiplərini həyata keçirən şirkətlərlə münasibətlərin düzgün tənzimlənməsi məsələləri Rəqabət Məcəlləsində öz əksini tapmalıdır.
Mən vaxtınızı çox almaq istəmirəm. Hörmətli Oqtay müəllim, bu sənəd komissiyada müzakirə olunarkən millət vəkillərindən Xanhüseyn Kazımlı, Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov, komissiya sədrinin müavini Azər Əmiraslanov çox dəyərli fikirlər söylədilər. Eyni zamanda, inhisarçı təşkilatların nümayəndələri də Rəqabət Məcəlləsinin layihəsi ilə əlaqədar olaraq öz təkliflərini irəli sürdülər. Artıq bu qanunun müzakirəsi ilə əlaqədar olaraq cəmiyyətdə çox ciddi hazırlıq işləri gedir. Dünən Vergilər Nazirliyinin, Azərselin, Banklar Assosiasiyasının, Milli Bankın və digər təşkilatların nümayəndələri bu qanunla əlaqədar olaraq qarşıda görüləsi işlərdən danışdılar. Mənim təklifim ondan ibarətdir ki, hörmətli Oqtay müəllim, əgər bu gün konseptual baxımdan bu məcəllə layihəsi birinci oxunuşda qəbul olunsa, bizi irəlidə çox böyük, çox çətin və mürəkkəb işlər gözləyir. Biz bir neçə işçi qrupu yaratmalı və bütün istiqamətlərdə onun üzərində işləməliyik ki, Azərbaycanın Rəqabət Məcəlləsi dünya standartlarına cavab versin. Yaddan çıxarmayaq ki, Azərbaycana xaricdən təzyiqlər artır. Ölkənin milli, iqtisadi təhlükəsizliyi baxımından bu məcəlləyə böyük ehtiyac var. Mən həmkarlarımı Rəqabət Məcəlləsi layihəsinin birinci oxunuşda konseptual baxımdan qəbul edilməsinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Məcəllə layihəsinin müzakirəsində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar departamentinin müdiri Samir Dadaşov iştirak edirlər. Çıxışa yazılanlar var, onlara qulaq asaq, sonra münasibətimizi bildirək. Mən hesab edirəm, bunu konseptual cəhətdən birinci oxunuşda qəbul eləmək olar. Vahid Əhmədov komissiyanın üzvüdür. Sözü ona verirəm. Buyurun.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz iqtisadçılar bu məcəllədən çox şey gözləyirik. Məcəllə Milli Məclisin İqtisadi siyasət və Aqrar siyasət daimi komissiyalarının birgə iclasında müzakirə olunubdur. Bizim ayrı-ayrı maddələrlə çoxlu irad və təkliflərimiz var. Mən xahiş edərdim ki, bunu birinci oxunuşda qəbul eləyək, sonra İqtisadi İnkişaf Nazirliyinin müvafiq şöbəsinin əməkdaşlarını da komissiyaya dəvət edək, onlarla birlikdə məcəllə layihəsinin üzərində yenə işləyək. Mənim təklifim bundan ibarətdir.
Sədrlik edən. Söz alıb danışmağa təkid eləyən yoxdur? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çıxışa şərait yaratdığınıza görə təşəkkür edirəm, Oqtay müəllim. Bu məcəlləyə belə başdansovdu münasibət məndə böyük təəssüf doğurur. Çünki məsələ konseptual baxımdan ciddi əhəmiyyət kəsb eləyir. Əlbəttə, bir çox məsələlər kimi antiinhisar siyasəti və rəqabət orqanı, şübhəsiz ki, indiki Azərbaycanın inkişaf səviyyəsində həlledici şəkildə hüquqi məsələ deyil.
Mən hesab eləmirəm ki, belə bir məcəllənin qəbul edilməsi ilə burada sadalanan problemlərin həlli başlayacaqdır. Çünki hörmətli məruzəçinin çıxışında qeyd olunduğu kimi, əslində, qanunvericilik baxımından bütün mümkün olan hüquqi normativ aktlar hələ 1993-cü ildən başlayaraq 1997-ci və sonrakı illərdə qəbul edilibdir. İndi buradakı məcəlləyə görə həmin qanunlar bir topluya çevrilə bilər. Əslində, belə bir layihənin özü Azərbaycanın qanunvericilik tarixində unikal bir məsələdir. Mən tam əminliklə deyirəm ki, bu məsələnin müzakirəsini belə başdansovdu eləmək istəyənlər o qanunları oxumayıblar. İlk dəfədir ki, bizdə olan bir qanun layihəsində hüquq mühafizə orqanı olmayan icra hakimiyyətinə hüquq mühafizə orqanının səlahiyyətləri verilir. Bu, xüsusi ilə Konstitusiyaya zidd bir məsələdir. Eyni zamanda, məhkəmə funksiyalarını özündə ehtiva eləyən bir orqanın yaradılması da təklif olunur.
Bir daha təkrar edirəm, məcəllə layihəsinə baxsanız, Azərbaycanın qanun yaradıcılığı tarixində ilk dəfədir ki, bu tipli bir sənədin meydana çıxmasından danışmaq mümkündür. Xüsusən məhkəmə funksiyalarını özündə ehtiva eləyən bir orqanın icra hakimiyyəti orqanı kimi yaradılmasını tamamilə yolverilməz bir hal hesab edirəm. Qanun layihəsinə bizim hüquqşünaslarımız, o cümlədən Milli Məclisin müvafiq komissiyaları mütləq baxmalı və buna öz rəyini verməli idilər.
Şübhəsiz, bir daha təkrar edirəm, çox mühüm əhəmiyyətli məsələdir. Bu baxımdan məcəllə layihəsi ilə bağlı bir neçə komissiyada işçi qrupunun yaradılması, əsaslı şəkildə sənədin üzərində işin aparılması, o cümlədən bir sıra müddəaların Konstitusiyaya uyğun olub-olmamasına rəy verilməsi şərti ilə bunu konseptual baxımdan qəbul eləmək olar. Ona görə ki, burada Milli Məclisin səlahiyyətləri ilə bağlı olan məsələlər də artıq kənara qoyulub. Belə ki, 1993-cü ildə qəbul olunmuş “Antiinhisar fəaliyyəti haqqında” Qanuna görə, təbii inhisarçıların siyahısını Milli Məclis təsdiq edir. Halbuki indi bu, müvafiq rəqabət orqanına verilir.
Mən, sadəcə, bunu bir nümunə kimi gətirdim. Burada belə mühüm məsələlər olduqca çoxdur. Yəni burada baxışdan, faktiki olaraq məhkəmə tipli baxışdan, müdafiəçidən, vəkilin tutulmasından, işin hazırlıq iclaslarından, işə xitam verilmə qərarlarından, faktiki olaraq hökmün çıxarılmasından söhbət gedir. Qərar adı altında bunlara toxunanda, belə məsələlər də bunların olanda, onda Azərbaycan Respublikasının digər qanunvericilik orqanlarının işi nədir? Mən bunu komissiyanın iclasında da çıxış eləyib dedim. Bizdə, deyək ki, Mülki Məcəllə, Mülki Prosessual Məcəllə, Cinayət Məcəlləsi, eyni zamanda, ayrı-ayrılıqda hüquq mühafizə orqanları var. Bütün bunların hamısını bir məcəllədə vermək, doğrudan da, təzə hadisədir.
Düzdür, beynəlxalq təcrübədə bu məsələlər var. Məsələn, BMT-nin Nizamnaməsində, Beynəlxalq məhkəmə haqqında, Dənizçilik konvensiyalarinda, Beynəlxalq dəniz hüququnda buna rast gəlirik. Amma bu, Azərbaycan qanunvericiliyi üçün tamamilə ənənəvi olmayan bir məsələdir. Bu baxımdan, hesab edirəm ki, bir daha hüquqşünasların bu məcəllə layihəsinə baxması və rəy verməsi vacibdir. Bizim ikinci oxunuşda çox ciddi qeydlərimiz olacaqdır. Amma iqtisadçılara hörmətimizə görə, onların bu məsələdə rəyləri bizim üçün mühümdür, bu gün məcəllə layihəsinin qəbul olunmasına mən etiraz eləmirəm. Amma bir daha təkrar edirəm, əslində, bu sənəd belə şəkildə, formada müzakirəyə çıxarıla bilməz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, məruzəçi də bu haqda dedi ki, çox vacib məcəllədir. Bunu birinci oxunuşda konseptual baxımdan qəbul etməyə yaxınlaşırıq. Ancaq bundan sonra komissiyalarda işçi qrupu yaranmalıdır, onun üzərində iş getməlidir, çünki bu, həyati, vacib bir qanundur. Mübariz Qurbanlı da çıxış üçün təkid eləyir. Buyursun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Doğrudur, Məclisdə bayram əhvali-ruhiyyəsi var. Amma mən deputat həmkarlarımdan xahiş eləyirəm ki, kim isə sözünü deyəndə ona mane olmasınlar. Çünki hər kəsin burada söz demək hüququ var. Mən istəsəm, Qurani-Kərimdən 10 dəqiqə moizə deyə bilərəm.
Mən hesab edirəm ki, bu sənəd Konstitusiyamıza zidd deyil. Rəqabət Məcəlləsi iqtisadi baxımdan və digər cəhətlərinə görə sərt olmalıdır. Çünki Azərbaycanda sosial-iqtisadi inkişaf elə bir səviyyəyə çatıb ki, bu və digər sahələrdə inhisarçılığın yaranması meyilləri güclənibdir. Bunun qarşısını yalnız sərt qanunlarla almaq mümkündür.
Vaxtilə ABŞ-da da belə qanunlar qəbul edilirdi. Çünki iqtisadiyyatda bərabər imkanlar yaratmadan, biz Azərbaycan iqtisadiyyatında özünü göstərən holland sindromu və ispan xəstəliyindən yan keçə bilmərik. Ona görə mən hesab edirəm, Azərbaycan iqtisadiyyatının inkişafına təkan versin deyə, qanun üzərində işləyən ekspertlər bunu daha da sərtləşdirməlidirlər. Bu gün Prezident cənab İlham Əliyev də bunu istəyir. Onun da siyasəti Azərbaycanı hərtərəfli inkişaf etdirməkdir. Biz hansısa idarə, müəssisə və şirkətin maraqları naminə deyil, milli maraqlar naminə qanun qəbul eləyirik.
Hörmətli komissiya sədri Ziyad Səmədzadə məcəllə layihəsi barədə geniş, ətraflı məruzə elədi. Amma mən özüm üçün bir məsələni aydınlaşdırmaq istəyirəm. Burada 31-ci maddə var. “Maliyyə xidmətləri bazarında rəqabətlərin tənzimlənməsini həyata keçirən orqanlar” adlanır. Bu maddə Rəqabət Məcəlləsinə müvafiq olaraq yaradılacaq orqanı digər orqanlarla bağlayır. Mən hesab edirəm ki, bu qurum tam müstəqil fəaliyyət göstərməlidir. Digər orqanlar hətta bunun qarşısında bu və ya digər formada iqtisadi məsələlərlə bağlı məlumat almalıdırlar. Yəni bu məqamları diqqətə çatdırmaq istəyirəm. Gələcəkdə bu qanunun müzakirəsində fəal iştirak etməyə, fikirlərimi bildirməyə hazıram. Sizin hamınızı bayram münasibəti ilə təbrik edir, sizə uğurlar arzulayıram! Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa çıxış etməyə təkid edən yoxdur ki? Buyurun, Şəmsəddin müəllim.
Ş. Hacıyev. Doğrudan da, bu, çox əhəmiyyətli, çox vacib, hətta hörmətli Ziyad müəllimin dediyi kimi, taleyüklü bir qanundur. Xüsusi ilə iqtisadiyyatımızın indiki ardıcıl inkişaf yoluna çıxdığı, bazar subyektlərinin, ayrı-ayrı əmtəələrin, əmtəə istehsalçılarının sayının artdığı bir şəraitdə normal, sağlam rəqabət mühitinin yaradılması olduqca vacibdir. Bu məcəllə layihəsinin əsas məqsədi məlumdur.
Mənim onun əhəmiyyətini tamamilə azaltmadan məcəlləyə çox ciddi iradlarım var. Mən bunları yazılı surətdə bildirə də bilərəm. Elə götürək rəqabət orqanı məsələsini. Bu gün dünyanın heç bir ölkəsində belə bir məfhum yoxdur. Mübariz müəllim də dedi, antiinhisar qanunvericiliyi, inhisarçılığa qarşı çox ciddi normativ hüquqi baza yaradılır. Ancaq dünyanın bütün ölkələrində bunlar rəqabət orqanı kimi fəaliyyət göstərmir. Əksinə, inhisara qarşı sağlam rəqabət mühitinin yaradılmasını təmin edən normativ hüquqi baza yaradan bir qurum kimi fəaliyyət göstərir.
Məsələ burasındadır ki, rəqabətin özünün də mahiyyəti məcəllədə düzgün izah olunmayıb. Rəqabəti aparan, yəni antiinhisar siyasətini həyata keçirən, əslində, ayrı-ayrı subyektlərdir. Ziyad müəllim çox yaxşı bilir, Porterin “Rəqabət üstünlüyü” nəzəriyyəsi var. Orada hər bir detalın öz yeri var. Rəqabəti aparan, rəqabət siyasətini həyata keçirən, konkret olaraq, şirkətlərdir, firmalardır. Yaradılan orqanın vəzifəsi ondan ibarət olmalıdır ki, sağlam rəqabət mühiti formalaşsın. Yəni heç bir bazar subyekti o birisinə nisbətən əlverişli şəraitdə olmasın. İnhisarçılığın da müəyyən səddi dəqiq müəyyənləşdirilməlidir. Bu ona görə lazımdır ki, bu sədd qarşısında, bütün normativ hüquqi meyarlar qarşısında bütün bazar subyektləri cavabdeh olsunlar. Mən bir daha təkrar edirəm, konseptual baxımdan məcəlləyə yenidən baxılmasına çox ciddi ehtiyac var. Amma bunun birinci oxunuşda qəbul olunmasını mən də tam dəstəkləyirəm.
Məcəllənin məqsədinə baxın. Məqsəd, əslində, bir bənddə konkret şəkildə formalaşmalıdır. Burada 8-9 bənd yazılıb, amma heç birində, mən hesab edirəm ki, məcəllənin məqsədi düzgün açılmayıb. Rəqabətin özünə də düzgün tərif verilməyib.
Sonra, burada çox şeylər var ki, bunun məcəlləyə heç bir aidiyyəti yoxdur. Rəqabət orqanının vəzifəli şəxslərinin əmək haqqının ödənilməsi, məzuniyyəti və digər məsələlər bu məcəlləyə aid olmayan bəndlərdir və onlar çıxarılmalıdır. Mən hesab edirəm ki, qanunun konseptual baxımdan hazırlanması 3 əsas məsələ üzərində qurulmalıdır: bazar subyektləri, davranış qaydaları və nəticə. Belə olsa, burada sistemlilik yaranar. Məcəllə layihəsi konseptual baxımdan əhatəli və dəqiq müddəalarla işlənib hazırlansa, onun işlək mexanizminin yaradılması da çox asan olar.
Sonda mən təklif edirəm ki, məcəllə layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmazdan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinə rəyə göndərilsin, ya da orada bunun müzakirəsi keçirilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Deməli, Siz konseptual baxımdan bu qanunun qəbul edilməsinə etiraz edirsiniz? Onda gərək müzakirələr axıra qədər davam etsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Kim müzakirələrin kəsilməsinin tərəfdarıdır, xahiş edirəm, münasibətini bildirsin.
Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Çıxışlar kəsilir.
İndi də, xahiş edirəm, məcəllə layihəsinin birinci oxunuşda qəbul olunmasına münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.38 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 9-cu məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqındadır. Söz Eldar İbrahimova verilir. Buyurun.
E. İbrahimov. “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar və həmvətənlər!
Əsrlər boyu milli birlik, mənəvi bütövləşmə arzusunda olmuş azərbaycanlılar on beş ildir ki, həmrəylik gününü əziz bayram kimi qeyd edirlər. On beş il bundan əvvəl ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın söz, əqidə və əməl birliyinin yaradılması prosesinə təkan verilmişdir.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu prosesin başlanğıcı xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf etmişdir. Müstəqilliyimizin ilk illərində ağır sınaqlara çəkildik, gərgin və çıxılmaz vəziyyətlərə düşdük, amma yenə də ulu öndərimizin müstəsna xidmətləri sayəsində istiqlaliyyətimizi, bir əsrdə ikinci dəfə qismətimizə düşən müstəqil dövlətimizi qoruyub saxlaya bildik. Düşmənlərin məkrli niyyətləri gözlərində qaldı, dövlətimiz siyasi və hərbi gücünü topladı, cəmiyyət həyatında sabitliyə nail oldu, ardıcıl inkişaf yoluna çıxdı, dünya birliyində layiq olduğu yerini tutdu.
Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. Azərbaycan dünyada analoqu olmayan bir sürətlə inkişaf edir. Cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurulur. Getdikcə artan imkanlarımız xalqımızın maraqlarını və tələbatını daha dolğun ödəməyə kömək göstərir.
Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının 2001-ci və 2006-cı illərdə Bakıda birinci və ikinci qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təşkil edilməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşdirilməsinə yeni imkanlar yaratmışdır. On beş il bundan əvvələ qədər dünyanın müxtəlif bölgələrində bir-birindən xəbər tuta bilməyən soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranmışdır.
Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına, tarix səhnəsində ənənəvi mühüm rolunu bərpa etməsinə yol açır. Tarixin gedişi və taleyin qisməti ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş on milyonlarla soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, qüdrətli və böyük Azərbaycan milli-mənəvi bütünlüyün möhkəm təməli üzərində ucalmalıdır.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ata-baba yurdu olduğuna görə Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi”. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Eldar müəllim. Bu alqışları Müraciətin qəbul olunması kimi qəbul edirəm.
Hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Milli Məclisin 2006-cı ildə son iclası başa çatır. Bu il parlamentin üç sessiyası keçirilmişdir. Bu sessiyalar ərzində, yəni fevralın 7-dən indiyədək Milli Məclisin 34 iclası olmuşdur. 154 qanun, o cümlədən 2 Konstitusiya qanunu, 21 qərar qəbul edilmişdir. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Parlamentimiz Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi və sosial-iqtisadi inkişaf strategiyasını fəal surətdə dəstəkləmişdir.
Bununla yanaşı, parlamentimiz beynəlxalq təşkilatlarda da çox mühüm işlər aparmışdır. Bu il bir neçə beynəlxalq təşkilatın forumları Azərbaycanda keçirilmişdir. O cümlədən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının forumu, Avropa Şurası Parlament Assambleyası Siyasi işlər komitəsinin iclası keçirilmişdir. Bizim bir çox deputatlarımız xaricdə ezamiyyətdə olmuş, dostluq qrupları ilə işləmiş, böyük münasibətlər yaratmışlar. Xarici nümayəndələr, spikerlər, onların nümayəndə heyətləri bizdə qəbul olunmuşdur.
Bizi beynəlxalq təşkilatlarda təmsil eləyən millət vəkillərinə öz dərin minnətdarlığımı bildirirəm. Hazırda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında, NATO Parlament Assambleyasında, ATƏT-də və digər təşkilatlarda nüfuzu xeyli yüksəlmişdir. İndi Azərbaycanın nümayəndə heyətlərini həmin təşkilatlarda hər dəfə fəal heyət kimi qəbul edirlər.
Milli Məclis 2006-cı ili uğurla başa çatdırır. Mən ümidvaram ki, 2007-ci ildə də fəaliyyətimizi səmərəli və uğurla davam etdirəcəyik. İcazə verin, sizin hamınızı, ailələrinizi qarşıdan gələn bayramlar münasibəti ilə bir daha ürəkdən təbrik edim! Hər birinizə möhkəm can sağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Milli Məclisin 2006-cı il payız sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himn səslənir).