26.02.2007 - tarixli iclasın stenoqramı
XOCALI SOYQIRIMININ
15 İLLİYİ İLƏ ƏLAQƏDAR
AZƏRBAYCAN RESPUBLİKASININ
MİLLİ MƏCLİSİNDƏ DİNLƏMƏLƏR
26 fevral 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Hörmətli deputatlar, hörmətli qonaqlar! Xanımlar və cənablar! Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış, XX əsrdə xalqımızın başına gətirilmiş ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının bu gün 15 ili tamam olur. Erməni vandalları tərəfindən törədilmiş bu amansız soyqırımı aktı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Bu faciə bizim qan yaddaşımızdan heç zaman silinməyəcəkdir. Biz əminik ki, bu vəhşiliyi törətmiş cinayətkarlar həm Azərbaycan xalqı, həm də bəşəriyyət qarşısında cavab verəcək, layiq olduqları cəzalarına çatdırılacaqlar.
Hörmətli deputatlar, Milli Məclisin son iclasında biz Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş dinləmələrin keçirilməsini qərara aldıq. Parlamentin bu məsələyə dair sənədlərinin layihələrini hazırlayacaq komissiya yaratdıq. Ötən həftə komissiya gərgin işləmiş, Milli Məclisin qərarının və bəyanatının layihələrini hazırlamışdır. Təklif edirəm ki, bugünkü dinləmələrin keçirilməsi üçün belə bir qayda müəyyən edək. Milli Məclisin Televiziya mərkəzi Xocalı soyqırımına aid qısa bir film hazırlamışdır. Əvvəlcə həmin filmə baxaq, sonra qərar və bəyanat layihələrini dinləyək, sonra isə çıxışlara başlayaq. Xahiş edirəm, filmi nümayiş etdirin.
(Xocalı soyqırımına aid film nümayiş etdirilir.)
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar! Milli Məclisin qərarının layihəsini oxumaq üçün söz Milli Məclis Sədrinin müavini, sənəd layihələrini hazırlayan komissiyanın sədri Bahar Muradovaya verilir.
B. Muradova, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Hörmətli həmkarlar, hörmətli millət vəkilləri! Bu kadrlardan sonra danışmaq bir az çətindir. Amma nə qədər çətin də olsa, biz dərdimizi, ağrımızı içimizdə gücə çevirib düşmənin başına çırpmağı bacarmalıyıq. Azərbaycan xalqı özünü toplamalı və erməni millətçilərinin, xalqımızı soyqırımına məruz qoyanların layiqli cavabını verməlidir. Bunun üçün bizim bütün potensialımız, imkanlarımız var.
Mən layihəni hazırlayan işçi qrupunun bütün üzvləri adından sizin hər birinizə və Milli Məclisin Sədri Oqtay Əsədova öz təşəkkürümü bildirirəm ki, belə bir missiyanı bizə həvalə etdiniz. Biz ötən müddət ərzində bir neçə dəfə yığışdıq və layihənin necə hazırlanması barədə fikir mübadiləsi apardıq. Milli Məclis Aparatının müvafiq şöbəsi tərəfindən hazırlanmış, müvafiq faktları, rəqəmləri, hadisələrin təsvirini özündə əks etdirən bir mətni komissiya üzvlərinə payladıq ki, iş bunun üzərində getsin və artıq axtarışa ehtiyac qalmasın.
Bu layihənin araya-ərsəyə gəlməsində, sözsüz ki, Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz müəllimin və Aparatın rəhbəri Səfa müəllimin çox böyük xidməti var. Mən bunu əvvəlcədən qeyd etmək istəyirəm ki, onlar bizi izafi zəhmətdən azad etdilər və biz layihənin məzmunu, mətni üzərində çalışmalı olduq.
Deməliyəm ki, çox ciddi təkliflər oldu. Komissiyanın üzvlərinin hər biri, daha sonra öz xidmətlərini təklif edən, bu komissiyada iştirak etmək istəyən millət vəkillərinin hər biri konkret təkliflərlə çıxış etdilər. Bunun da nəticəsində, fikrimizcə, – hər halda son sözü siz deyəcəksiniz, –çox təkmil bir variant alınıbdır. Yəqin ki, sizin təkliflərinizdən sonra bu variantın üzərində də müvafiq işlər gedəcək və biz bunu yaxşılaşdırmağa, müsbət istiqamətdə təkmilləşdirməyə xidmət edən bütün təklifləri nəzərə almağa hazırıq. Amma mətni oxumazdan əvvəl bir fikri qeyd etmək istəyirəm.
Son illər, xüsusilə son 10 ildə istər ölkə daxilində, istərsə də ölkədən kənarda Azərbaycan parlamentini, Azərbaycan hökumətini Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verməməkdə ittiham edən fikirlər səslənməkdədir. Cəmiyyətdə belə fikirlər təlqin olunur ki, guya bu məsələyə parlament hüquqi-siyasi qiymət verməyib. Biz siyasi partiya nümayəndələri, millət vəkilləri olaraq dəfələrlə buna dəlillərlə, faktlarla cavab vermişik. Amma bu gün də burada belə fikirlər səslənməsin deyə, bir daha Milli Məclisin qəbul etdiyi sənədləri qaldırmışam və həmin sənədlərin nömrəsi ilə, tarixi ilə, məzmunu ilə sizi tanış etmək istəyirəm.
Hər şeydən əvvəl Azərbaycan Respublikasının Milli Məclisi Xocalı hadisələrini təhqiq edən deputat istintaq komissiyasının məlumatını bir neçə dəfə müzakirə edib, hüquq mühafizə orqanlarının, xüsusilə prokurorluğun hesabatlarını Milli Məclisdə dinləyib, bu müddətdə bir neçə dəfə qərar qəbul edib. Bu komissiyaların tərkibini dəyişib, həmin komissiyaların üzvlərinin səlahiyyətlərini özündə əks etdirən sənədlər üzərində işləyib. İlk olaraq 1992-ci il mart ayının 25-də Milli Məclis 334-12 nömrəli qərarı ilə bu hadisələrə soyqırımı qiymətini verib. Konkret olaraq deyim ki, həmin qərarın 3-cü bəndində törədilən cinayətin Azərbaycan xalqına Ermənistan Respublikasının düşünülmüş genosid hərəkəti kimi qiymətləndirilmiş və bu barədə müraciət qəbul olunması nəzərdə tutulmuş və soyqırımda Müstəqil Dövlətlər Birliyinin ordu hissələrinin köməyi xüsusi qeyd edilmişdir. İlk olaraq bu qiymət verilir.
Bundan sonra, 1993-cü il fevral ayının 2-də 510 nömrəli qərarın 1-ci bəndində Xocalıda baş vermiş hadisələrin Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarı ilə soyqırımı kimi qiymətləndirilməsinin təsdiq edilməsini özündə əks etdirən bir müddəa var. Bu bir daha təsdiq olunubdur. Bunun soyqırımı kimi qiymətləndirilməsini şübhə altına alan hansısa bir fikri burada söyləmək yersizdir.
Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə bu məsələlərə Milli Məclisin xüsusi sessiyası həsr olundu. Burada geniş müzakirələr keçdi. Onda da qərar qəbul olundu və Azərbaycanda 26 fevral gününün azərbaycanlıların soyqırımı günü elan olunması barədə müvafiq qərar qəbul olundu. Bu günə qədər də biz fevralın 26-sını Xocalı soyqırımı kimi qeyd edirik. Bu, 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarda öz əksini tapıb.
Bundan sonra, hər il Milli Məclis beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin parlamentlərinə müvafiq müraciətlər qəbul edib və bu müraciətlərdə də Xocalıda baş vermiş hadisələrin soyqırımı olduğu və beynəlxalq konvensiyanın nəzərdə tutduğu tərifə uyğun gəldiyi qeyd olunubdur.
1998-ci il martın 26-da isə ümummilli liderimiz Heydər Əliyev azərbaycanlıların soyqırımı haqqında 690 nömrəli fərman verib. Həmin fərman Azərbaycana, onun ərazilərinə qarşı həyata keçirilən təcavüz aktlarını, iddiaları və bu günə qədər davam edən təcavüzü özündə əks etdirir və Xocalı hadisələri də həmin təcavüzün bir mərhələsi kimi qeyd olunur. 31 mart azərbaycanlilarin soyqırımı günü kimi qeyd olunur.
Son illərdə Milli Məclis bu barədə müraciətlər, bəyanatlar qəbul edib. Beynəlxalq təşkilatlarda bizim nümayəndə heyətlərimiz, deputat qruplarımız bu işi ardıcıl şəkildə həyata keçirirlər. Hesab edirəm ki, bu işin öhdəsindən layiqincə gələ bilirlər. İndi isə komissiya tərəfindən hazırlanan qərar layihəsini nəzərinizə çatdırım.
“Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikasi Milli Məclisinin qərari.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir. Bu gün cinayətkarlardan 30 nəfərinin adları Azərbaycanın istintaq orqanlarına məlumdur. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S.Ohanyan indi general paqonları gəzdirir və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziri”dir. Cinayətin bir sıra digər iştirakçıları da oyuncaq qurumda və Ermənistan Respublikasının dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.
Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
Xocalı faciəsi son yüz ildən artıq dövrdə ifrat erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır.
Qeyd etmək yerinə düşər ki, 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan edilərkən onun ərazisi 9 min kvadrat-kilometr olmuşdur. Əslində, bu süni dövlət qurumu Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının (çar Rusiyası dövründə İrəvan quberniyasının) ərazisində təşkil edilmişdir. Sonralar İrəvanda, Göyçədə və Zəngəzurda törədilən kütləvi qırğınlar nəticəsində bölgənin demoqrafik vəziyyəti erməni əhalinin xeyrinə dəyişdirilmiş, azərbaycanlılardan təmizlənən yeni ərazilər Ermənistan Respublikasına qatılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi Ermənistanın tərkibinə daxil edilmiş, nəticədə onun sahəsi 30 min kvadrat-kilometrə çatdırılmışdır.
Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün zəmin yaradılmış, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulmuşdur.
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar.
1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar etməyə, azərbaycanlıları doğma torpaqlarından qovmağa başladılar. Cinayət əməllərinə əsas yaratmaq üçün SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni-tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.
XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldıqları fəlakətlərin əsrin sonlarında yenidən təkrar olunmasının bir çox səbəbləri vardır. Əlbəttə, bu səbəblərdən biri 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması, yeni nəsillərin beynəlmiləlçilik ruhunda tərbiyə olunması, xalqlar dostluğunun tərənnüm edilməsi olmuşdur. Amma ən başlıca səbəb Azərbaycan xalqına xas olan yüksək mənəviyyat, xeyirxahlıq, alicənablıq, rəhmdillik, sülhsevərlik, düşmənçiliyi unutmaq kimi keyfiyyətlər olmuşdur.
Təsadüfi deyil ki, erməni millətçiləri Azərbaycan xalqına nifrət hissini sovet hakimiyyəti illərində də yaddan çıxarmamışdır. Son əsrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaradılmışdır.
Qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmalara rəvac vermişlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərmişdir. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər.
Erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfi sülh arzusunda olduğunu göstərməyə çalışsa da, münaqişənin dinc vasitələrlə həllini çətinləşdirən bəyanatlara və hərəkətlərə yol verir, o cümlədən “erməni soyqırımı” haqqında əfsanənin daha çox ölkədə yayılmasına cəhdlər göstərir. Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutanların təmizə çıxarılması üçün iddia olunur ki, guya Xocalıda erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Faciənin yaraları hələ qaysaq bağlamamış vəhşilik əməlini unutdurmağa cəhdlər göstərilir. Üzdəniraq təbliğatçıların həyasızlığı ildən-ilə daha da artır, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya birliyinə çatmasına yol verməmək üçün yeni-yeni yalanlar uydurulur.
Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
2. Ermənistan Respublikasının ölkəmizə silahlı təcavüzü, ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi gedişində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi yanında informasiya-tədqiqat mərkəzi yaradılsın.
3. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.
4. Azərbaycan Respublikasının Dağlıq Qarabağ problemi ilə məşğul olan dövlət və qeyri-dövlət qurumlarına tövsiyə edilsin ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər”.
Hörmətli millət vəkilləri, bizim təklif etdiyimiz layihə bundan ibarətdir. Mən düşünürəm ki, sizin hər biriniz çox ciddi və prinsipial mövqe tutaraq bu layihənin yaxşılaşdırılması üçün müvafiq təkliflər verəcəksiniz. Eyni zamanda, bir xahişimi də nəzərinizə çatdırmaq istəyirəm. Siz qərarın mətni ilə tanış oldunuz, bəyanat da elə bu ruhda hazırlanıb. Biz burada hər zaman olduğu kimi bu faktdan istifadə edib məsələnin müzakirəsindən daxili siyasi dividendlər almaq üçün cəhdlər göstərməməliyik. Çalışmalıyıq ki, sənədin ruhuna uyğun müzakirələr aparaq və bu soyqırımı aktının beynəlxalq ictimaiyyət, dünya parlamentləri tərəfindən qəbul olunması və ölkədə bu işin təbliğatının daha yaxşı təşkil edilməsi üçün Milli Məclisin üzərinə düşən vəzifələrin nədən ibarət olduğu barədə fikirlərimizi səsləndirək. Mən sizi fəal müzakirəyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar! Milli Məclisin bəyanatının layihəsini oxumaq üçün komissiyanın üzvü Jalə Əliyevaya söz verilir.
J. Əliyeva. ”Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 15 ili tamam olur. Bu hüznlü günlərdə Azərbaycan xalqı ifrat erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.
Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi.
Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı erməni millətçilərinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.
1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı. Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsi ilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də “Azərbaycan Hava Yolları” Dövlət Şirkətinə məxsus Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhərin müdafiəsi atıcı silahlarla təchiz edilmiş yerli özünümüdafiə dəstələri və azsaylı milis qüvvələri hesabına təşkil edilmişdi.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı və hər gün toplardan, ağır hərbi texnikadan atəşə tutulur, həmlələrə məruz qalırdı. Qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Xocalı şəhərini mühasirədən qabaq tərk etməyə macal tapmayan əhalinin başı üstünü ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı quldurlar tərəfindən məhv edilmək təhlükəsi almışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Bununla erməni millətçiləri milliyyətindən, irqindən, siyasi və başqa əqidəsindən, dini etiqadından asılı olmayaraq hər bir bəşər övladının dərin nifrətinə layiq olduqlarını göstərmişlər.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda – işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər cinayətkarların bir çoxunun adları bu gün Azərbaycan tərəfinə məlumdur. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.
Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutmuş erməni millətçilərini və onların havadarlarını təmizə çıxarmaq üçün aparılan təbliğat kampaniyası bu gün də ara vermir. İddia olunur ki, guya Xocalıya hücum şəhərdəki “atəş nöqtələri”ni məhv etmək məqsədi ilə həyata keçirilmiş, bu zaman dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Üzdəniraq təbliğatçıların dediklərindən az qala belə çıxır ki, guya Xocalıda azərbaycanlılar bir-birini, sonra da özlərini işgəncə ilə qətlə yetirmişlər. Bəzən onların həyasızlığı elə həddə çatır ki, Xocalı şəhərində lentə alınmış və ya təsvirləri götürülmüş qanlı qırğın səhnələrini beynəlxalq ictimaiyyətə azərbaycanlıların ermənilərə qarşı cinayət əməlləri kimi təqdim edirlər.
Yalançı erməni təbliğatının miqyası ildən-ilə daha da genişləndirilir. Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə soyqırımına məruz qaldıqları barədə uydurmaların beynəlxalq səviyyədə qəbul olunmasına cəhd göstərirlər. Həm də bu cəhdlər bir sıra hallarda müəlliflərinə çirkli siyasi “dividendlər” gətirir. Xocalı faciəsi kimi real soyqırımı aktına göz yuman ayrı-ayrı dövlətlərin parlamentlərinin təsir altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurur.
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar.
Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırır.
Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv mövqe tutmağa, silahlı qüvvələrini işğal olunmuş torpaqlardan geri çəkməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa çağırır.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının suveren iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır”.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş dinləmələrə başlayırıq. Xahiş edirəm, müzakirələrdə iştirak eləmək istəyənlər yazılsınlar. Zahid Orucov, buyurun.
Z. Orucov. Hörmətli cənab Sədr, birinci, reqlament bilinsəydi, mən fikirlərimi ona uyğunlaşdırardım.
Sədrlik edən. Neçə dəqiqə təklif edirsiniz?
Z. Orucov. Mümkün olsa, 7 dəqiqə.
Yerdən. (Eşidilmir.)
Z. Orucov. Niyə 5 dəqiqə? Oqtay müəllim, 10 dəqiqə üstünlük təşkil eləyir. Əgər mümkün olsa, bu məsələni səsə qoymadan qəbul eləyək.
Sədrlik edən. Reqlament müəyyən etmirik, kim neçə dəqiqə çıxış eləyir, eləsin.
Z. Orucov. Çox təşəkkür edirəm. Cənab Sədr, birinci növbədə, bugünkü müzakirələri üç anlamda qəbul eləyirəm. Bunlar bu gün, gələcək və tarix üçün lazımdır. Burada aparılan müzakirələrdə mən həmkarlarımı keçmişə dönməyə, təsvirçiliyə və publisistik göz yaşlarına deyil, daha artıq dərəcədə “nə etməli?” sualı üzərində təkliflərini səsləndirməyə çağırıram. Mən hörmətli Bahar xanımın fikirlərini birmənalı bölüşürəm. Həqiqətən də, Azərbaycanın keçmişində bu hadisə daxili mübarizə predmeti olub. Heç olmasa, 15-ci ildönümündən sonrakı zamanda bu insanları öz mövqelərindən daşınmağa çağırıram.
Mən ötən dəfə hörmətli Əli müəllimin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının tədbirində iştirak edərkən 1994-cü ildə qəbul olunmuş sənədləri, yəni Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığını ifadə edən sənədləri özümlə götürmüşdüm və orada nümayiş etdirdim. Maraqlanan hər bir media təmsilçisinə də, ictimaiyyət nümayəndəsinə də bunu verə bilərik. Azərbaycana və bunu deyən insanlara eyib gətirən bir haldır ki, hələ də guya parlamentin bu hadisəni tanımadığı deyilir. Birinci növbədə, yaradılmış komissiyanın təkcə deputatlardan deyil, ictimaiyyət nümayəndələrindən də təklif qəbul etməyə hazır olduğunu bildirməsi çox yaxşı olardı.
İkinci, cənab Sədr, kənardan bu məsələni müşahidə eləyən adamlarda belə təəssürat yaranır ki, sanki Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsindən kənarda baş vermiş lokal bir hadisədir. Əslində, bu belə deyildir. Hər birimizə bəllidir ki, bu hadisə 1988-ci ildə başlayan erməni təcavüzünün dalğasında meydana çıxıb və çox haqlı olaraq bunun tarixi kökləri də ifadə olunur. Ona görə də mən hesab edirəm ki, hadisənin beynəlxalq aləmdə tanınması və ona qiymət verilməsi məsələsində xüsusi bir strategiyamız olmalıdır. Ermənilər bu cür addımlar atırlar, bunun sonunda sanki ermənilərə bənzər bir hərəkət taktikası, hərəkət marşrutu seçmək meyli də bizdə olur. Hərdən mən bu meyllərdən qorxub deyirəm ki, bizdə erməniləşmə xəstəlikləri baş qaldıra bilər. Yəni biz maqnit qaydasında ermənilərin hərəkətlərini təkrar etməli deyilik. Lakin ermənilərin soyqırım və antitürk isteriyası, xarici aləmdə daim bu mövzunu gündəmdə saxlaması dövlət quruculuğunun əsası, ideologiyasıdır. Biz isə sanki bunu beynəlxalq aləmə çıxarmaq istəyirik, yalnız ona görə ki, baxın, bizim haqlarımızı və ədaləti tanıyın. Baxın, erməni xislətini görün. Mənə elə gəlir ki, bizim irəli gedən mövqeyimiz olmalıdır. Mən dəfələrlə media təmsilçilərinə elə burada söyləmişdim ki, ermənilərin bizim dilə uyğunlaşdırılan 4-t proqramı var idi. Saxta tarix, tarixi tanıtma, daha sonra təzminat, sonda isə torpaq davası iddia eləyən bir ideologiyası var. Bu gün erməni soyqırımı adlı beynəlxalq səviyyədə həyata keçirdikləri kampaniyanın əsas hədəfi budur. Bu, sadəcə, 1915-ci ildə ölmüşlərinə ağlamaq və dünyadan lazım olan obyektiv qiyməti almaq niyyəti deyil.
Mən hesab edirəm ki, biz siyasətimizi tarixi tanıtmaq, təzminat və torpaqlarımızın işğaldan azad olunması üzərində qurmalıyıq və bu, Qarabağ məsələsi ilə bərabər bir proses kimi aparılmalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bərabər olmalıdır. Əlbəttə, bizə bəllidir ki, bizi niyə tanımırlar. Bu bizə aydındır. Bu da Dağlıq Qarabağ probleminin mayasına birbaşa bağlıdır. Bunu tanımaq avtomatik olaraq o deməkdir ki, işğal reallıqları tanınacaqdır, işğalçıya sanksiya tətbiq olunmalıdır. Ona görə də heç kim belə bir illüziyaya qapılmasın ki, günün birində bu baş verəcək. Ona görə də millətin enerjisini dağıtmamaq, səpələməmək naminə mən hesab edirəm ki, birinci növbədə, hüquq müstəvisində hərəkət eləməliyik.
Ermənilər buna çalışıblar. Yenə də onlardan misallar gətirmək istəmirdim. Son 50 ildə onlar 18-20 ölkədə bunu tanıtmağa nail olublar. Lakin hüquq müstəvisində birinci, BMT-nin beynəlxalq cinayətlər üzrə məhkəməsidir. Bununla bağlı beynəlxalq hüquq normaları da yetərincə burada və digər tədbirlərdə də söylənib. Mən hesab edirəm ki, bu faciənin hədəfində təkcə bizlər, Azərbaycan türkləri və ya Azərbaycanda yaşayan digər etnik qruplar deyildirlər. Eyni zamanda, yəhudilər də, gürcülər də soyqırımına məruz qaldıqlarından biz “Soyqırımı Qurbanlarının Assosiasiyası” adlı qurum yaratsaq, çox yaxşı olardı. Bunun bir millətə qarşı yox, daha çox millətlərə, bütün insanlığa qarşı aparılan bir proses olduğunu göstərə bilərik. Mən hesab edirəm ki, bu soyqırımını tanıtmaq bütün millətimizin işi deyil. Sıravi vətəndaşı bununla yükləmək olmaz. Baxmayaraq ki, mənən millətin problemlərinə bağlıdır. Amma sıravi vətəndaşın əlindən nə gələ bilər? Olsa-olsa əli İnternetə çatırsa, bir yerə informasiya göndərə bilər. Bu məsələnin kampaniya deyil, vahid nizamlı bir formada aparılması üçün məhz Xarici İşlər Nazirliyinin yanında Soyqırımı Tanıtma Komitəsi yaradılmalıdır. Mən çox alqışlayıram, hörmətli Oqtay müəllim, Sizdən belə bir təşəbbüs gəlib. Bir daha da deyirəm, gələcək tarix üçün bunlar yüksək qiymətləndiriləcəkdir. Məhz Milli Məclisin nəzdində belə bir qurumun yaradılması düşünülür. Amma mən istərdim ki, Xarici İşlər Nazirliyinin spesifikasına uyğun olduğu üçün orada seçilsin.
Nəhayət, mən daha bir təklifimi səsləndirmək istəyirəm. Biz faciələrimizi diferensasiya eləməyə, onu səviyyələrə bölməyə məhkum olmuşuq. Mən istərdim ki, xocalılara xüsusi bir status verilsin. Xocalıda həyatlarını itirmiş insanlar digər şəhidlərdən ayrılsınlar. Bəlkə də bu, taktik siyasət üçün lazımdır. Amma onsuz da reallıq bundan ibarətdir. Yəni onların faciələri digərlərindən daha ağırdır. Ona görə də mən hesab edirəm ki, onlara xüsusi bir status verilməlidir. Eyni zamanda, bu statusdan irəli gələn soyqırımı müavinəti, belə demək mümkündürsə, əlbəttə, həmin müavinəti, təzminatı ermənilər verməlidirlər. Bəlkə də rəqəm haqqında mübahisə getmir. Mən istəmirəm səsləndirdiyimiz təkliflər dövlətimiz üçün yük olsun. Amma hesab edirəm ki, bunu müavinət qaydasında həyata keçirsək, yaxşı olar.
Cənab Sədr, mən növbəti fikri səsləndirmək istəyirəm. Ötən dəfə də bunu qeyd etdim. 2005-ci il parlament seçkiləri qabağı bütün sovet sənədlərindən, demək olar ki, xilas ola bildik. Lakin bir tərəfdən də bunlar hər biri iddia sənədləridir, o cümlədən xocalılar üçün də. Mən hesab edirəm ki, dövlət arxivlərində onlar ciddi sənəd, iddia sənədləri kimi qorunub saxlanmalıdır. Hər birimiz xatırlayırıq ki, son, ikinci İraq savaşı dövründə Əbu-Qreytdə Amerika vətəndaşlarının İraq vətəndaşlarına qarşı təhqiramiz hərəkətləri beynəlxalq hay-küyə səbəb oldu. Amerika Prezidenti İraq xalqından üzr istəməyə məcbur oldu. Əlbəttə, niyyətimiz ondan ibarətdir ki, erməniləri ifşa eləyək, digər məqsədlərə nail olaq. Amma 366-cı motoatıcı diviziya məhz müstəqil Rusiyaya məxsus idi və həmin şəxslərin böyük bir qismi bu gün Rusiyanın hərbi sferasında yer tutmaqdadırlar. Ona görə də mən düşünürəm ki, biz birinci olaraq Rusiyaya müraciət eləməliyik. Əgər onlar Cənubi Qafqazda sülhməramlı imici qazanmaqda maraqlıdırlarsa, ATƏT-in Minsk qrupunda fəaliyyətlərində bitərəf olduqlarını göstərmək istəyirlərsə, birinci, Rusiya tanımalıdır. Mən çox istəyirəm ki, bu gün parlamentin adından bəyanat birinci olaraq Rusiya səfirliyinə təqdim olunsun.
Cənab Sədr, bilirsiniz ki, ümumiyyətlə, bu prosesə statistik, passiv yox, dinamik bir forma vermək naminə bunu iqtisadi müstəviyə keçirməliyik. Biz öz iqtisadi resurslarımızı milli problemlərimizə bağlaya bilməmişik. Məsələn, neft müqavilələrində bu faciəni və ya soyqırımını tanıyanlara üstünlük verilməsi bir müddəa kimi seçilsə, pismi olardı? Heç olmasa, bundan sonra bunu etməyimiz yaxşı olardı.
Sonuncu təklifim ondan ibarətdir ki, bir xeyli erməni öz əsərlərində Dağlıq Qarabağla, o cümlədən Azərbaycanla bağlı həqiqətləri etiraf edirlər. Ceyhun Hacıbəylinin bir məşhur əsəri var. Orada onlarla erməni adı göstərilir ki, öz kitablarında Azərbaycanla bağlı həqiqətləri etiraf edirlər. Yaradılacaq həmin mərkəz bu erməni müəlliflərinin əsərlərini dərc etməlidir. 10 dəqiqə ərzində dözüm göstərib mənim fikirlərimi dinlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Bir daha təkrar edirəm ki, bu məhz gələcəyimizə yönəlmiş bir müzakirədir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Zahid Orucov, deyirsiniz ki, biz Xocalını Qarabağdan ayırırıq. Amma təklif edirsiniz ki, Xocalını Qarabağın kontekstindən çıxaraq. İki fikir söyləyirsiniz. Fərqi yoxdur, Xocalı da bizim faciəmizdir, Xocavənd də. Bu faciənin böyük bir hissəsidir, ayırmaq düzgün olmaz. Əgər bizim hər bir vətəndaşımız xaricə bir mesaj göndərərsə, dama-dama göl olar. Biz 8 milyonuq. Sevindik Hətəmov.
S.Hətəmov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün XX yüzilliyin insanlığa sığmayan, yalnız erməni vəhşiliyinin nümunəsi hesab edilən Xocalı soyqırımından 15 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bir gecənin içində sovet hərbi qüvvələri ilə erməni yaraqlıları 5 mindən artıq əhalisi olan Xocalı şəhərini yerlə yeksan etdilər. Əllərinə düşən soydaşlarımızın başına olmazın müsibətləri gətirdilər. Bəşərin üzləşmədiyi işgəncələrlə qətlə yetirdilər. Mahiyyəti və miqyasına görə Xocalı soyqırımı XX əsrin ən böyük dəhşətlərindəndir. Çox təəssüf ki, qondarma erməni soyqırımını müzakirəyə çıxaran ölkələrin ali qanunvericilik orqanları özlərini elə görməməzliyə vururlar ki, sanki heç Xocalıda bu dəhşətlər baş verməyib.
Bu yöndə Azərbaycan tərəfinin beynəlxalq səviyyədə apardığı ciddi və mütəmadi işlər isə hələ ikili baxışlı dünyada istədiyimiz nəticəni vermir. Ancaq hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi altında biz Azərbaycan həqiqətlərini tam şəkildə dünyaya çatdıracağıq. Elə Milli Məclisin Sədri cənab Oqtay Əsədovun göstərişi ilə Xocalı ilə bağlı yaradılan komissiya da buna xidmət edəcək. Ona görə də mən bu komissiyanın yaradılmasını yüksək qiymətləndirirəm. Bütövlükdə cəmiyyətimiz bu addımı dəstəkləyir.
Hörmətli həmkarlarım, müasir dünya inteqrasiya dünyasıdır. Dünyanın hər bir bölgəsində regional qurumlar yaradılır. Cənubi Qafqazda isə məhz Ermənistanın terrorçu və təcavüzkar siyasəti nəticəsində bu məsələ problemə çevrilib. Özü də Ermənistan yalnız Azərbaycan torpaqlarına göz dikməyib. Baxın, Türkiyəyə qarşı ərazi iddiası Ermənistanın Konstitusiyasında əks olunub. Bu dövlət Gürcüstana qarşı torpaq iddiasında olduğunu gizlətmir. Rusiyanın Krasnodar vilayətində də ermənilər muxtariyyət əldə etmək istəyirlər. Bunu bütün dünya bilməlidir. Bu məsələ ilə bağlı mənim təklifim də var.
Cənab Prezident Türkiyədə olarkən rəsmi şəkildə bəyan etdi ki, biz müdafiədən hücuma keçməliyik. Hesab edirəm ki, biz bu xətti tutmalıyıq. Torpaqlarımızın işğal tarixini yalnız matəm kimi deyil, həm də bir qisas günü kimi qeyd etməliyik. Bu gün ermənilərin qərəzli və məqsədli şəkildə ortaya atdıqları qondarma erməni soyqırımı məsələsini ifşa etməliyik. Xocalıda bir gecənin içində 13 nəfər soydaşımız bəşərin görmədiyi erməni işgəncələri ilə qətlə yetirildi. Şəhid olanlar 63 uşaq, 106 qadın, 70 qoca olub. Ona yaxın Xocalı sakini diri-diri yandırılıb. 56 nəfər bəşərin üzləşmədiyi, yalnız ermənilərə xas olan işgəncələrlə qətlə yetirilib. Soyqırımı zamanı 25 uşaq hər iki valideynini itirib. 8 ailə tamamilə məhv edilib. 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb və hər cür zorakılığa məruz qaldıqları məlum olub. 155 nəfər itkin düşənlər barədə isə heç bir məlumat əldə etmək mümkün olmayıb. Bütün dünya dövlətləri bu məsələyə reaksiya verməlidir, çünki Xocalı soyqırımı bəşəriyyətə qarşı ermənilərin törətdikləri faciədir.
Diqqətinizi başqa bir məqama yönəltmək istəyirəm. Ermənilərin ideoloqu Zori Balayan Xocalıda azərbaycanlı körpələrini öz əli ilə və bəşəriyyəti şoka salan üsullarla qətlə yetirməsindən fəxr duyduğunu bildirib. Halbuki o, ixtisasca həkimdir və hər bir həkim Hippokrat andına sadiq qalmalıdır. Qarabağdakı erməni terrorçularının rəhbəri Qukasyan bir neçə il öncə mətbuata verdiyi açıqlamada bildirmişdir ki, o, azərbaycanlılara qarşı əlindən gələn pisliyi həkim işlədiyi müddətdə həyata keçirib. Heç olmasa, dünya bu məsələyə münasibətini bildirməlidir. Axı, hamımızın yaxşı yadındadır ki, ikinci dünya müharibəsində almanlar yaralıları öldürmür, hətta alman həkimlər yaralı sovet əsgərlərinə yardım göstərirdilər. Fikrimi yekunlaşdıraraq demək istəyirəm ki, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə çox yaxın zamanlarda torpaqlarımız işğaldan azad ediləcək, erməniləri bütün yer üzündə bir pislik, vəhşilik, terrorçuluq simvolu kimi tanıtmağa nail olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir müəllim iclasdan qabaq xahiş etmişdir, etiraz eləmirsinizsə, ona növbədənkənar söz verək. Biz qərar layihəsini hazırlamışıq. Əsas məsələ yeni təkliflərin verilməsidir. Nə yeni təkliflər var? Köhnə söhbətləri təkrarlamayaq. Buyurun, Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hər iki sənəd kifayət qədər səriştə ilə hazırlanıb. Bahar xanım dedi, əvvəlki yığıncaqlarda yol verilmiş bir qüsur aradan qaldırılıb. Burada faktlara söykənilir və Xocalıda birbaşa cinayətdə iştirak eləmiş adamların adları çəkilməklə onların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi qaldırılır. Eyni zamanda, bir daha Azərbaycan cəmiyyəti bildi ki, Milli Məclis bu məsələyə 1994-cü ildən bəri soyqırımı kimi qiymət verib. Bu çox vacibdir. Bu il, ümumiyyətlə, həm Azərbaycanda, həm Türkiyədə, həm Avropa ölkələrində Azərbaycanın diaspor təşkilatlarının, Milli Məclisin xətti ilə müxtəlif qeyri-hökumət təşkilatları və şəxsiyyətlər tərəfindən fəal bir kampaniya aparılır. Bu onu göstərir ki, Azərbaycan dövlətinin bu məsələyə diqqəti güclənib, artıb. Hesab edirəm ki, Xocalı soyqırımının gələcəkdə, doğrudan da, tanınması istiqamətində çox vacib amillərdən biridir.
Burada qısaca bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Biz Xocalı məsələsini təkcə Qarabağın işğalı məsələsi kimi götürməli deyilik. Bu, Azərbaycana qarşı son 200 ildə dünyanın güclülərinin himayədarlığı ilə Ermənistanın və qonşu dövlətlərin apardığı böyük cinayətin bir parçasıdır. Burada oturan insanlar və ümumiyyətl,ə Azərbaycan xalqı bunun fərqində olmalıdır. Biz bilməliyik ki, nə ilə, hansı güc ilə üz-üzəyik. Qarabağ sonuncu məsələ deyil. Hər 10-15 ildən bir bu xalq qırılır, sürgün edilir, köçürülür, kütləvi şəkildə torpaqları əlindən alınır. Onun torpağında dövlətlər qurulur. Təsəvvür eləyin, Güneyli, Quzeyli Azərbaycan 200 ildir bu faciə ilə üzbəüzdür. 1905–1907-ci illəri unuduruq. 1905–1907-ci illərdəki Umudlu faciəsi indikilərdən o qədər də fərqli deyil. 1918–1920-ci, 1930-cu illərdə kütləvi soyqırımı, 1948–1950-ci illər… Nəhayət sonuncu hadisələr. Ona görə hesab edirəm ki, bizim bir millət olaraq papağımızı qabağımıza qoyub düşünməyimizin vaxtıdır.
Yaşadığımız regionda son 200 ildə hansı faciələr baş verib? Dünyada ikinci belə bir millət yoxdur ki, onun başına bu qədər faciələr gətirilsin. İkinci bir millət yoxdur ki, həm bölünsün, həm savaş şəraitində olsun, həm də torpaqları əlindən alınsın. Tarixi təhrif edilsin, mədəniyyəti əlindən alınsın, sərvətlərinə göz diksinlər. Belə bir millət yoxdur. Biz bu şəraitdəyik və bunu dərk eləyəndə insan, şübhəsiz, həm tarixə, həm bu gününə, həm də gələcəyinə bir az daha məsuliyyətlə yanaşır. Babalarımız, atalarımız bu faciələrdən keçib, özümüz keçmişik. Bizim təminatımız yoxdur ki, sabah uşaqlarımız da eyni faciəni yaşamayacaqlar. Nə eləməliyik ki, sabah, heç olmasa, uşaqlarımız bununla üz-üzə gəlməsinlər? Necə eləyək ki, indi əlimizdə olan torpaqlarımızı da sabah böyük güclər bizim əlimizdən alıb erməniyə, başqa qonşulara peşkəş etməsinlər? Biz dünyaya bunu çatdırmalıyıq. Bu millətin günahı nədir ki, 200 il hər 15 ildən bir qırılıb?
Hər 15 ildən bir qırılan millət əgər özündə güc tapıb torpağının bir hissəsində müstəqil dövlət qura bilirsə, bunun özü də böyük şeydir. Bu mənada bizim ən ciddi addımlardan biri Azərbaycanda bütün bu məsələləri dərk eləyərək milli birliyə nail olmaqdır. Azərbaycan ətrafımızda baş verən hadisələri, Türkiyənin başında cərəyan eləyənləri, Güneydə baş verən hadisələri nəzərə alıb bir milli proqram işləməlidir. Biz nə istəyirik və bu vəziyyətdən necə çıxa bilərik? Bundan ötrü mənə elə gəlir ki, təkcə Qarabağ məsələsi yox, ümumiyyətlə, Azərbaycanda Azərbaycanın gələcəyi ilə bağlı bu təcrübələr nəzərə alınaraq hökmən milli araşdırmalar mərkəzi olmalıdır. Bu mərkəzə pul xərcləməkdən qorxmaq lazım deyil.
Sonra, biz yaddaşsızlıq göstəririk. Bütün sənədlər bizdə var. 1923-cü ildə Kirovun başçılığı dövründə bir quldur dəstəsi buradan Moskvaya namə yazırdı ki, Zəngəzur qeyd-şərtsiz Azərbaycan torpağıdır. Qarabağda erməni, türk qarışıq yaşayır, amma Zəngəzur qeyd-şərtsiz Azərbaycan torpağıdır. 50-60 il ərzində ermənilər davamlı olaraq Qarabağ məsələsini qaldırsalar da, bizim kommunist rejimi bir dəfə də Zəngəzur məsələsini qaldırmadı. Bizdə olan sənədlərə söykənərək biz bu gün beynəlxalq aləmdə həmin məsələni qaldırmalıyıq.
Nəhayət, mənim əlimdə bir xəritə var. Bu xəritəyə baxıram, hər yerdə qaçqın düşərgələri, qaçqınların və köçkünlərin yaşadıqları yerlər, bütün Azərbaycan bu xəritədə bir çadır şəhərciyini xatırladır. Bundan əlavə, təqvimimizə baxırıq. Qara tarixlərin qeyd olunduğu bir təqvimdir. Bu milləti qara haşiyələrin içindən, qara qeydlərdən çıxarıb ruhunu özünə qaytarmaq lazımdır. Bunun üçün isə hökmən Azərbaycan dövləti ilə xalqın milli birliyi, ümumi məqsəd, hədəfə doğru bir yerdə addımlamağımız vacibdir. Buna görə də həm diaspor təşkilatlarından, həm də Azərbaycanın bütün güclərindən istifadə eləməliyik. Güman edirəm ki, bu sahədə ciddi addım atılacaq. Bütün bu faciələrin içində Azərbaycanın gələcəyini düşünmədən ancaq hikkələrlə, iddialarla, qarşılıqlı ittihamlarla yaşamaq bizim millətimizi yeni faciələrə apara bilər. Ona görə də hesab edirəm ki, Milli Məclisin bu sənədi hər bir azərbaycanlı üçün bir dərs olmalıdır.
Biz televiziyalarımızı şoulardan xilas eləməliyik. Ümumiyyətlə, təbliğat mexanizmlərimizi bütün faciələrimizi dərk eləyərək Azərbaycanın uğurlu sabahına doğru bir ümidlə doldurmalıyıq ki, millət nəhayət bir rahatlıq tapsın. Hesab edirəm ki, dünyada proses gedir ki, son vaxtlar NATO soyuq savaşdan sonra əsas hədəf olaraq terrorçuluğu seçib. Terrorçuluğa qarşı mübarizə gedir. Dünyanın ən böyük, ən qorxulu terrorçu dövləti Ermənistandır. Köçəryanın Ben Ladendən heç bir fərqi yoxdur, Qukasyanın Ben Ladendən heç bir fərqi yoxdur. Biz dünyanın diqqətini bu məsələyə də cəlb eləməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün Azərbaycanın taleyüklü bir məsələsinin müzakirəsinə yığışmışıq. Azərbaycanın taleyi ilə bağlı məsələlərə Milli Məclisin belə çevik, ciddi və tam rəsmi münasibəti Milli Məclisin bir tərəfdən cəmiyyətdəki rolunu qaldırırsa, digər tərəfdən tariximizə münasibəti dəyişdirir, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi bir tarix yaradır. Bu gün bizim müzakirəmizə verilmiş qərar layihəsi və bəyanat, yaradılmış komissiya bir daha dediklərimi təsdiq edir.
Mən bir anlığa sizin diqqətinizi Azərbaycan təqviminə yönəltmək istərdim. Yanvar – qanlı yanvar, fevral – Xocalı soyqırımı, mart – azərbaycanlıların soyqırımı, aprel – müstəqilliyimizin əlimizdən alınması günü, Kəlbəcərin işğalı, may – Şuşanın, Laçının işğalı. 12 ayın 10 ayı, bizim təqvim faciələrlə yoğrulub. Nədir səbəb? Bu tale yazısıdır, yoxsa xalqın acızliyi? Əgər tale yazısıdırsa, Tanrı taleyi ədalətsiz yazmır, ədalətlə bölür. “Xalqın acizliyi” ifadəsini işlədənlər, ola bilər, bizim tariximizi bilməyirlər. Tariximiz qədim keçmə-keşlərdən keçib. Sasanilər farslaşdırmaq, ərəblər ərəbləşdirmək, monqollar monqollaşdırmaq istədilər, alınmadı. Amma özləri azərbaycanlaşdılar.
XIX əsrdə vətən iki hissəyə bölündü. Şimali Azərbaycan xanlıqlar formasında çar Rusiyasının mədəsinə atıldı. Ancaq bu millət 200 il orada ərimədi. Əksinə, bir siyasi şərait yaranan kimi diri düşdü, bütöv düşdü, bütün dünyaya elan etdi ki, mən varam, millətəm, dövlətəm. Mən dünyaya, Şərqə nümunə olaraq bir demokratik respublika yarada bilirəm. Biz həmin dövlətin bu gün varisləriyik. Deməli, acizlik də yoxdur. Bəs bu faciələrin səbəbi nədir? Bu tarixin bir hissəsi əsrin əvvəlində, bir hissəsi isə əsrin sonunda baş verir. Qərar layihəsində və bəyanatda diplomatiya naminə müəyyən məqamları vermək mümkün olmasa da, bu gün dediklərimiz Milli Məclisin tarixidir. Mən istərdim gələcək təhqiqatçılar bu tarixə nəzər salanda bilsinlər ki, biz hər şeyi bilirik, diplomatiya naminə hər şeyi beynəlxalq təşkilatlara çatdıra bilmirik. Bəzi məqamları açmaq istərdim.
Bu hadisələrin baş verməsi, bunların yozumu təhqiqatlarda və ikilikdə söhbətdə 3 məqamı birləşdirir. Birinci, siyasi məqamdır. Azərbaycanın geosiyasi vəziyyəti, dünya dövlətlərinin Azərbaycana marağı, bu maraqlar altındakı məkrli niyyətlər, həmin niyyətlərin həyata keçirilməsi üçün erməni amilindən istifadə əsrin əvvəlində də, sonunda da olub. Sovetlər imperiyası yarananda da, dağılanda da bu amildən istifadə edilib.
İkinci, milli amildir. Mən fikrimi bir fakta əsaslanıb söyləmək istərdim. 1724-cü il noyabr ayının 11-də üç erməni katolikosunu qəbul edən I Pyotr göstəriş verir, Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə yerli əhalinin sıxışdırılıb çıxardılması hesabına erməniləri yerləşdirin. Bu istəyi Nikolay fərmanlarla reallaşdırmaq istədi. Lakin bu mümkün olmadı. Bax Xocalı soyqırımına aparan tarixi yolun başlanğıcı Pyotrun verdiyi göstərişlərin bu gün də həmin dövlətin xarici siyasətində həlledici rol oynaması oldu. 366-cı alayın ermənilərin arxasında durması təsadüfi deyildi. Ataların misalı var, arxalı köpək qurda qalib gələr. Bu, Azərbaycan xalqının acizliyi deyildi.
Üçüncü məqam isə birbaşa dinimizlə, dini əqidəmizlə bağlı olub bu faciələrin kökündə dayanır. Bu, hələ Türkiyənin uydurma genosidi törətdiyi ortalığa çıxmamış Balkan müharibələrində müsəlmanları kütləvi qətlə yetirdilər. Avropa dəyərləri də o vaxt özünü mətbuatda büruzə verməyə cəhd edirdi.
Əhmədbəy Ağayevin “Balkan vəhşiliyi və rus mətbuatı” adlı yazdığı məqalə bu gün də çox gözəl səslənir. Avropa dəyərləri adlandırdığımız hamımıza doğma olan humanizm, azadlıq, şəxsiyyət Avropa fabriklərinin İran bazarını doldurmuş üzü bəzək, içi çürük materialından başqa bir şey deyilmiş. Avropa ziyalıları bir az vicdanlı olsaydılar, müsəlmanları və İslamı qəbul edərdilər, müsəlmanları qətlə yetirən Balkan tayfalarını vəhşi adlandırardılar. Bu gün dünyada terrorizmə qarşı mübarizə adı altında baş verən hadisələr məhz Balkan hadisələrində də eyni ilə təkrar olunmuşdu. Bu üç məqam – siyasi, milli və dini məqam birləşəndə Azərbaycan üçün tarixin təqvimləri qara hərflərlə yazılır. Bəs nə etməli? Vəziyyətdən necə çıxmalı? Xocalı soyqırımı ilə bağlı bugünkü müzakirə və dünyada Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlər, Azərbaycanın mövqeyi, xarici siyasətinin uğurları artıq əsas verir deyək ki, Azərbaycan ayılıb, öz hüquqlarını görür, dünyada bunları tələb etməyi bacarır.
Üzeyir Hacıbəyov 1919-cu il mart soyqırımının 1 illiyi münasibəti ilə “31 mart” adlı yazısında bizim vəzifələrimizi çox gözəl vermişdi: “Bizim vəzifələrimiz o qara günləri yaddan çıxarmamaqdır. Bunun üçün isə hər an, hər dəqiqə hər şeyə hazır olmalıyıq. Bizim borcumuz məmləkətimizi düşmən təcavüzündən qorumaq və özümüzü şərəflə yaşatmağa nail olmağımızdır. Bunun üçün bu gün hər bir azərbaycanlıdan şərəflə yaşamaq tələb olunur, milli birlik tələb olunur, işində, əməlində, hərəkətində milli qeyrət tələb olunur. Güman edirəm ki, Azərbaycan bunun öhdəsindən gələcək və biz məğlubiyyətimizi qalibiyyətlə əvəz edəcəyik”. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan tarixinin və taleyinin son dərəcə ağır, acı bir hadisəsini müzakirə edir. Əlbəttə, burada məndən əvvəl çox qiymətli fikirlər söylənildi və mən həmin fikirlərin hamısına qatılıram. Təqdirəlayiq haldır ki, Azərbaycanın Milli Məclisi taleyimizlə bağlı bu mühüm hadisənin müzakirəsini təşkil edibdir. Əvvəlki iclaslarımızda yaradılmış komissiya yetərincə səviyyəli iki sənəd hazırlayıb. Ən önəmlisi odur ki, sənədlər konyunkturadan uzaqdır və bilavasitə törədilmiş hadisənin Azərbaycan üçün ağrılı nəticələri sənədlərdə öz əksini tapmışdır.
Son illərdə dövlət orqanları, dövlət idarələri, müxtəlif nazirliklər istər Xocalı hadisəsi ilə, istərsə Azərbaycanın bu tipli ağrılı hadisələri ilə bağlı xeyli işlər görüblər, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri öz aktivliyini artırıblar. Səfərlər zamanı Azərbaycanın nümayəndə heyətləri bu məsələlərə çox böyük diqqətlə yanaşırlar. Mən bir faktı qeyd etmək istəyirəm. Azərbaycan Respublikasının Milli Təhlükəsizliyk Nazirliyi tərəfindən hazırlanan kompakt disk son dərəcə keyfiyyətlidir. Son dərəcə yaxşı hazırlanıb və faciənin ən ağrılı nöqtələrini və foto görüntülərini özündə əks elətdirən, müasir texnoloji üsullarla hazırlanmış disklərdir və bu problemin dünyaya yayılmasında, şübhəsiz, böyük rol oynayır. İstər Milli Məclisin, istər digər dövlət orqanlarının bu məsələ ilə bağlı atdığı addımları qiymətləndirməklə yanaşı demək istəyirəm ki, ya mən səhv başa düşürəm, yaxud belə olmalı idi. Oqtay müəllim, mən Milli Məclisdə dinləmə deyəndə nəzərdə tuturdum ki, müvafiq nazirliklərin nümayəndələri buraya dəvət olunacaqlar. Məsələn, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi. İndiyə qədər bizim bu məsələ ilə bağlı bilmədiyimiz məsələlər haqqında, yaxud gördükləri işlər, onların arxivlərində olan materiallar barəsində burada məlumat verəcəklər, müəyyən fikir mübadiləsi olacaq. Şübhəsiz ki, belə təşkil olunsaydı, hadisənin mahiyyətinin daha dərindən öyrənilməsi və təbliği, Xocalı hadisəsinin əbədiləşdirilməsi yolunda daha faydalı addım olardı.
Qərar layihəsi barədə. Şübhəsiz ki, layihə yaxşı hazırlanıb. Burada 1905–1907, 1918–1920-ci illərdə yerlər sadalanır və deyilir: “Tiflisdə, Naxçıvanda...” Məncə, Tiflisdəki qırğını birinci saymaq... Söhbət Azərbaycanda baş verən hadisələrdən gedirsə, Azərbaycanın yaşayış məntəqələri birinci sadalanmalıdır və müasir beynəlxalq hüquq baxımından da bu düzgün olardı.
Burada 4 məsələnin həyata keçirilməsi qərara alınıb. Mən bunların 4-ü ilə də razıyam. Burada əvvəldə lent göstərildi və rəhmətlik Heydər Əliyev öz çıxışında dedi ki, bu elə qeyri-adi bir hadisədir, 100 ildən sonra da anılacaq. Xocalı qeyri-adi bir hadisədir. Buna da qeyri-adi münasibət olmalıdır. Burada söhbət 613 nəfərin həlak olmasından, 1275 nəfərin əsir götürülməsindən getmir. Törədilmə metodlarına görə fövqəladə hadisədir. Yəni insanı diri-diri yanar odun içərisinə atmaq, ölmüş insan cəsədləri üzərində təhqiredici əməllərin həyata keçirilməsi müasir dünyanın adi hadisələri deyildir. Ona görə də təklif edirəm ki, görüləcək işlər cərgəsinə soyqırımının törədilmə metodlarına və formalarına görə təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilmiş bir soyqırımı olduğu nəzərə alınsın. Bu gün əgər öldürülmüş azərbaycanlının başının dərisini soyurlarsa, sabah bu, gürcüyə, rusa, yəhudilərə qarşı da baş verəcək.
Biz dünyanın diqqətini məsələnin törədilmə xarakterinə, metodikasına yönəltməliyik ki, mədəni dünyada XX əsrin sonunda insanlığa qarşı belə bir vandalizm aktı törədilmişdir. Bu bəyanatda çox haqlı olaraq hesab edirik ki, Xocalı hadisəsi eyni ilə Xatında, Lidiçedə baş verənlərin təkrarıdır. Xatına Lidiçeyə münasibətlər necədirsə, uyğun addımlar ataq. Niyə Xatına, Lidiçe beynəlxalq hüququn subyekti oldu və bütün ölkələrin qanunverici orqanlarına, siyasi həyatlarına, dərsliklərinə daxil oldu, biz bunu da edək. Əgər bu gün Xatında muzey varsa, niyə dövlət himayəsində Xocalı muzeyi yaradılmasın və Xocalıda baş verən hadisələr uzaq keçmiş deyil, nə 1915-ci, nə də 1943–1944-cü illərin hadisəsidir, bu günümüzün hadisəsidir. Dünyada elə bir soyqırımı hadisəsi yoxdur ki, Xocalı qədər lentlərdə, fotolarda təsbit edilmiş olsun. Biz dünyanın diqqətini buna cəlb etmək istəyiriksə, Xocalı muzeyini yaratmalıyıq.
Bu gün ermənilər Vaşinqtonun ortasında Dövlət Departamentinin 200 metrliyində soyqırımi muzeyi açırlar. Onlar yanlış, yalançı soyqırımlarını dünyaya göstərə bilirlər, biz olmuş, gerçək soyqırımımızı tanıtmaq üçün çətinlik çəkirik. Bu maddələrə Xocalı muzeyinin yaradılması və onun dövlət protokoluna daxil edilməsi məsələsini də qoymalıyıq və tövsiyə etməliyik.
Burada beynəlxalq məhkəmələrlə bağlı məsələlərə toxunuldu. Ölkəmizdə son dərəcə səviyyəli hüquqşünaslar, beynəlxalq hüququ yaxşı bilən mütəxəssislərimiz var. Biz bu gün eşitməli idik ki, niyə Miloşeviç törətdiyi əməllərə görə beynəlxalq məhkəmə qarşısında dayandı, amma Xocalı hadisəsinin təşkilinin və törədilməsinin bilavasitə iştirakçıları, təşkilatçıları olan Köçəryan, Sarkisyan bu gün dövlət başında otururlar. Bunun mexanizmi nədən ibarətdir? Bunu müəyyənləşdirməliyik. Nə üçün Xocalı ilə bağlı məsələlər beynəlxalq məhkəmədə təsbit oluna bilmir? Bu sənədlər verilibmi, verilməyibsə, nə üçün verilməyib? Baş prokuror Xocalı faciəsində günahkar bildiyi adamlardan kimləri tutmağa cəhd göstərib, tuta bilməyib? Onlar dünyanın hər yerini gəzirlər. Nə üçün bu adamlardan heç biri tutulmayıb? Bu bizim faciəmizdir, unudulmaz faciəmizdir. Bu bizim üçün tək faciə deyil, nəticələr çıxarmaq üçün bizə verilmiş böyük bir dərsdir. Bundan sonra istər Milli Məclis, istər digər dövlət orqanlarında işimizi elə qurmalı, elə hərəkət etməliyik ki, xalqımız bir də belə faciəli hadisələrlə qarşılaşmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Xocalı faciəsi ilə bizi 15 illik bir tarix ayırır. Bu bizim əbədi dərdimiz, əbədi yaramızdır. Əlbəttə, heç birimiz bu günü heç bir zaman unutmayacağıq. Damarlarında azərbaycanlı qanı axan hər bir insan bu haqda hələ uzun illər danışacaq və bu bizim qan yaddaşımıza, tariximizə çevriləcək. Lakin mən burada başqa bir məqam haqqında danışmaq istəyirəm. Məncə, danışarkən, çıxış edərkən, münasibət bildirərkən ucuz populizmi bir kənara qoyub faktlara əsaslanmaq daha məqsədəuyğun olardı. Xocalı faciəsinə dünya birliyi tərəfindən soyqırımı kimi hüquqi qiymət verilməsini istəyiriksə, bunun yükü, mənə elə gəlir ki, birinci növbədə, hüquq mühafizə orqanlarının üzərinə düşür. Birinci növbədə, ölkə daxilində məhkəmə qərarı ilə baş verən cinayətə və cinayətkara öz adının verilməsi lazımdır.
Hamımıza məlumdur ki, 1994-cü ildə ulu öndər tərəfindən bu əməl ilk dəfə soyqırımı olaraq qiymətləndirilib və tanınıb. Azərbaycan Respublikası prokurorluğu tərəfindən 2005-ci ildə hadisə soyqırımı kimi tövsif edilib və cinayətkarlara beynəlxalq axtarış elan edilib. Lakin məhkəmə öz sözünü deməlidir. İstintaq aparılması çox vacibdir. Cinayətkarların tutulmasını və mühakimə edilməsini təmin etməliyik. Bu işdə yerli və xarici ekspertlərlə birlikdə fəaliyyət göstərərək qərar çıxarılması işimizin xeyrinə olan bir məsələdir. Xarici ekspertlərin dəvət edilməsi heç də belə başa düşülməsin ki, biz kiminsə qapısını döyüb kimdənsə icazə istəməliyik, siz buna icazə verirsiniz, ya vermirsiniz? Belə anlama gəlməsin.
Unutmayaq ki, beynəlxalq hüququn da öz normaları var. Baş verən hadisə və əldə olunan norma insanların milli əlamətinə görə kütləvi olaraq və əvvəldən düşünülmüş şəkildə qətlə yetirildiyini tam açıqlayır. Həmin gün Xocalıda sözün əsl mənasında soyqırımı həyata keçirilib. Hadisənin motivi və nə zaman həyata keçirilməsi bunu göstərir. Burada verilən insan itkisinin sayı ölçü vahidi ola bilməz. Lakin bu əməlin soyqırımı olduğunu yalnız özümüz deyib özümüz eşitmək istəmiriksə, baş verən hadisənin dünya birliyi tərəfindən də soyqırımı olaraq qəbul edilməsini və cinayətkarların cəzalandırılmasını tələb ediriksə, bunun üçün birinci növbədə beynəlxalq hüquqa istinad edən məhkəmə qərarı olmalıdır. Bu yolla biz siyasi məqsədimizə daha sürətlə nail ola bilərik.
Faciənin dünya ictimaiyyətinə tanıdılması, həmin gecə vəhşətindən dünyanın xəbərdar olması da bir başqa məsələdir. Burada artıq təbliğat amilindən söhbət gedir. Bu istiqamətdə istər dövlət səviyyəsində, istər müxtəlif qurumlar, istər ayrı-ayrı vətəndaşlarımız tərəfindən ötən illər ərzində çoxsaylı səylər göstərilib, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, eyni zamanda, fotolar dərc edilib, həm sənədli, həm bədii kitablar buraxılıb, sərgilər keçirilib. Lakin günümüzün gerçəkləri bunu göstərir ki, təbliğat daha geniş formada, daha mütəşəkkil, daha təsirli şəkildə həyata keçirilməlidir. Burada sənət və mədəniyyət nümunələrini unutmaq olmaz.
Yəqin ki, deputat həmkarlarım mənimlə razılaşarlar, İkinci Dünya Müharibəsinin vəhşətlərinə biz tarix kitablarından daha çox bu müharibəyə həsr olunmuş filmlərdən şahid olmuşuq və baxarkən dəhşətə gəlmişik. Bəşər övladının kimliyindən, irqindən, milliyyətindən asılı olmayaraq, tarix boyu başına gətirilən bəlalara sənədlərdə oxuduqlarımızdan daha çox böyük sənətkarlıqla bədiiləşdirilən sənət əsərlərinə baxarkən həyəcanlanmışıq. Bəzən siyasətin, tarixin edə bilmədiklərini sənət və mədəniyyət edir. Elə bu kontekstdə demək istəyirəm ki, Xocalı faciəsini əks etdirən bütün sənədli materiallarla birlikdə, eyni zamanda, araya, ərsəyə gətirilən ədəbi, bəddi, təsviri sənət nümunələrinin bir araya gətirilərək nəşr etdirilməsi, bu nümunələrin elektronika yayımı vasitəsi ilə tanıdılması, faciəyə həsr olunan bütün sənət nümunələrinin dövlət səviyyəsində tək mərkəzdə cəmlənməsi və sistemli şəkildə tanıdılması təbliğat maşınımızın ürəkləndirilməsinə səbəb ola bilər. Bununla da bəzən bizi bilərəkdən eşitmək, görmək istəməyən ikili standartlı ölkələrə haqq səsimizi daha güclü şəkildə çatdırmış olarıq.
Hörmətli həmkarlar, mən bəlkə də komissiya üzvü olduğum üçün burada çıxış etməyə də bilərdim, çünki dəfələrlə komissiyalarda hər birimiz öz təkliflərimizi vermişik və bu təkliflər bizim qərar və bəyanat layihələrində öz əksini tapıb. Komissiyada da səsləndirdiyim bir fikri bu gün geniş auditoriyadan istifadə edərək burada səsləndirmək istəyirəm. Çünki bu məsələ mənə çox toxunub və bunu hər kəsin bilməsini istəyirəm. Bu yaxınlarda faciə ilə əlaqədar bir məclisdə qarşılaşdığım bir münasibəti diqqətinizə çatdırmaq istəyirəm. Kifayət qədər hörmət etdiyimiz ziyalı bir insan bu mövzuda apardığımız söhbətdə belə bir fikrə istinad edirdi ki, bu təkcə bizim faciəmizdir, bizim özümüzə təsir edə bilər, ancaq bizi ağlada bilər. Yəni dünya ictimaiyyətini, konkret olaraq Avropanı bu məsələ narahat edə bilməz və faciəmizi əks etdirən ideoloji nümunələrlə, kitablarla, nəşrlərlə, rəsm əsərləri, ədəbiyyat nümunələri ilə, filmlərlə onların duyğularını oyatmaq mümkün deyil, çünki bir daha deyirəm, bu bizim faciəmizdir və bunu tanıdarkən çox diqqətli olmalıyıq ki, xristian dünyasını narahat etməyək. Heyrətlənməmək mümkün deyildir bu münasibətə. Nəyə görə bir xalqın faciəsi olan Xirosima, Naqosaki, Xatın, Xalaxos və sair faciələr, bunun kimi digər hadisələr dünyanı lərzəyə gətirə bilir? Əslində, heç mövcud olmayan “erməni soyqırımı”na dünya göz yaşı axıda bilir, amma söhbət Azərbaycandan və azərbaycanlıdan gedərkən nədənsə elə həmin dünya duyğusuzlaşır və göz yaşı quruyur? Mən vaxtınızı çox almaq istəmirəm, amma, məncə, bu məqama da diqqət yetirmək əhəmiyyətli olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Mən də bu fikirdəyəm ki, XX əsrin ən dəhşətli qanlı faciələrindən biri olan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin müzakirələr keçirməsi təqdirəlayiq haldır. Bu faciənin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönümündə Azərbaycan Respublikası Milli Məclisi növbəti, çox əhəmiyyətli addımlarından birini atır. Əlbəttə, faciə, xüsusi ilə də bu dərəcədə qəddarlıqla həyata keçirilmiş faciə haqqında sakit danışmaq çox çətindir. Burada fikir səsləndirildi ki, biz bu gün populizmdən uzaqlaşaraq faciənin dünya birliyinə çatdırılması, dünya birliyinin həmin faciə ilə əlaqədar indiyə qədər nümayiş etdirdiyi soyuqqanlığa son qoyulması, təsirli addımlar atılması istiqamətində daha çox düşünməliyik. Biz bu faciənin baş verməsinin səbəbləri ilə əlaqədar bir daha təhlillərimizi aparmalıyıq. Bu barədə çox fikirlər səsləndirildi.
Mən belə düşünürəm ki, bu faciənin baş verməsinin bir çox səbəbləri arasında indi demək istədiyim səbəblər də var. Bununla əlaqədar mən çox istərdim ki, bugünkü müzakirələrimizdə Azərbaycanda, Bakı şəhərində akkreditə olunmuş ayrı-ayrı ölkələrin səfirliklərinin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri də olaydılar. Qoy onlar bir daha öz gözləri ilə bu faciəni nümayiş etdirən kadrlar əsasında görüb burada səsləndirilən fikirləri eşidəydilər, çünki ən azı onların vəzifə borcudur ki, ölkədə baş vermiş faciə ilə əlaqədar insanların bu gün nə düşündükləri haqqında öz ölkələrinə məlumatlar versinlər. Bu faciə, yəqin ki, həm də ona görə baş tutub ki, on illər boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, faciələr, soyqırımlar dünya birliyi tərəfindən soyuqqanlıqla qarşılanıb və bu cür faciələrə törədənlərə layiqli cəzalar verilməyib. Bu faciə həm də ona görə baş tutdu ki, ermənilərin etnik nifrət əsasında apardıqları təbliğata dünyanın bir sıra ölkələrində biganə, soyuqqanlı yanaşıblar, bəzi hallarda ona uyublar və onu dəstəkləyiblər. Bu faciə həm də ona görə baş tutub ki, ermənilər əslində olmayan uydurma erməni soyqırımı əfsanəsini ayrı-ayı ölkələrdə geniş surətdə təbliğ edə biliblər. Bəzi hallarda bəzi ölkələr buna uyaraq bunu qəbul edibdir. Beləliklə, çox təəssüf hissi ilə qeyd eləmək lazımdır, dünyada şıltaq erməni milləti formalaşdırılıb, yetişdirilibdir. Bu erməni şıltaqlığına da indiyə qədər layiqli cəza, qiymət verilməyib. Nəticə gəlib onda özünü göstərdi ki, dünyada törədilən faciələrin, soyqırımların ən iyrənc və ən tükürpədən forması – Xocalı soyqırımı ortaya çıxdı.
Xocalı soyqırımına həm də bir kontekstdən yanaşmaq lazımdır. Bu da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Nə qədər ki Xocalı soyqırımına layiqli qiymət verilməyib və onun günahkarları öz cəzalarını almayıblar, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə də nail olmaq mümkün olmayacaqdır. Bunlar bir-biri ilə çox bağlı hadisələrdir. Nə qədər dünya bu qədər qanlı faciəyə soyuqqanlı münasibət bəsləyir, Azərbaycan–Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsinə də lazımi münasibət bəslənilməyəcəkdir. Bu gün Azərbaycan münaqişənin dinc vasitələrlə aradan qaldırılması mövqeyində dayanır və hesab edirik ki, bu prinsip etibarı ilə dünyada mövcud olan ab-havaya uyğun bir yanaşmadır.
Amma eyni zamanda, münaqişənin aradan qaldırılması ilə əlaqədar ayrı-ayrı güc mərkəzləri, hətta münaqişənin nizama salınması missiyasını üzərinə götürmüş Minsk qrupunun həmsədrləri tərəfindən heç bir tərəf, xüsusi ilə də Azərbaycan “münaqişənin aradan qaldırılması üçün güc tətbiq etməməlidir” bəyanatlarının səsləndirilməsi ən azı qəribə təəssürat yaradır. Həmin adamlardan soruşmaq lazımdır ki, Xocalı faciəsi dinc üsullarlamı baş vermişdi? Azərbaycanın 20 faiz ərazisi işğal olunarkən bu dinc üsullardanmı istifadə olunmuşdu? Burada həlak olan 20 min insan silah tətbiqi nəticəsində həlak olmuşdur? Dünya ictimaiyyəti, dünya birliyi bugünkü təhlükəsizliyi və gələcəyin məsuliyyətini öz üzərinə götürmüş beynəlxalq təşkilatlar o zaman tətbiq edilən silahların işlənməsinin qarşısını almaq üçün niyə öz təsirli sözlərini demirdilər? Bu məntiqdən yanaşdıqda, təbiidir ki, Azərbaycan xalqının da itirilmiş torpaqlarının geri qaytarılması üçün istənilən vasitələrdən istifadə etmək haqqı beynəlxalq birlik tərəfindən tanınmalıdır. Bu ona görə tanınmalı deyildir ki, Azərbaycan mütləq şəkildə torpaqlarını silah gücü ilə azad etmək niyyətindədir? Xeyr, Azərbaycan torpaqlarının dinc vasitələrlə azad olunması mövqeyində dayandığını dəfələrlə bəyan edib. Lakin dinc vasitələrlə münaqişə o zaman həll olunacaq ki, dünya birliyi təcavüzkarın təcavüzünün qarşısını almaq üçün təsirli tədbirlər və erməni təcavüzünün aradan qaldırılması üçün lazım olan işlər görəcək. Əgər bu dünya birliyi və güc mərkəzləri, o cümlədən də beynəlxalq vasitəçilər həmin işləri görməyib “yalnız dinc vasitələrlə münaqişələr aradan qaldırılmalıdır” kimi artıq təsirini itirmiş bəyanatlar verəcəklərsə, onda nə münaqişənin ədalət prinsipləri əsasında aradan qaldırılması gerçəkliyə çevriləcək, nə də Xocalı faciəsi kimi qanlı olaylara lazımi qiymətlər veriləcəkdir.
Azərbaycan ictimaiyyəti, Azərbaycanın bütün hökumət və qeyri-hökumət strukturları bu gerçəklikləri dünya birliyinin nəzərinə çatdırmalıdırlar. Dünyanın taleyi ayrı-ayrı güc mərkəzlərindən yox, dünyanın sakini olan bütün insanların iradəsindən asılı olmalıdır və heç bir xalqın taleyi də, tarixi də yalnız həmin xalqın özünün iradəsinə, özünün öhdəsinə buraxılmamalıdır. Hesab edirəm ki, indiki dünya düzümü prinsipləri çərçivəsində heç də düzgün olmayan bir yanaşma deyil. Biz nə etməliyik? Bu barədə suala çox ətraflı fikirlər səsləndirildi və bu fikirlərin xeyli hissəsi Milli Məclisin qəbul elədiyi qətnamədə öz əksini tapıb və onlar tamamilə yerində olan fikirlərdir. Bununla yanaşı, mən də bir neçə əlavə fikirlər də səsləndirirəm ki, əgər məqbul olarsa, istifadə edilsin.
Xocalı faciəsinin törədilməsində bilavasitə iştirak edənlərə qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədar bənd də burada əks olunsa, yaxşı olar. Hər hansı bir ölkədə müstəqil siyasətmi, ya özünəməxsus siyasətmi yeridilməsinə görə həmin ölkənin rəhbərlərinə qarşı çox ciddi sanksiyalar tətbiq edilir və onların başqa ölkələrə getməsinə qadağalar qoyulur. Amma Xocalı faciəsinin törədilməsində iştirak edənlər, özü də bu faciənin törədilməsində iştirak etdiyini etiraf edənlərin beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə səfərlərinə qarşı hər hansı məhdudiyyət qoyulmur, sanksiyalar tətbiq edilmir. Mən hesab edirəm ki, Xocalı faciəsinin beynəlxalq miqyasda tanınmasının ilkin addımlarından biri ondan ibarət olardı ki, insanlığa qarşı bu qanlı faciəni törədənlərə bir sanksiya tətbiq edilsin. Ayrı-ayrı ölkələrə, beynəlxalq təşkilatlara öz arzuları ilə getmək istəyərlərsə, onlara məhdudiyyətlər qoyulsun.
İkincisi, hüquq mühafizə orqanlarının qarşısında qoyulan vəzifələri bir az da hesab edirəm ki, dəqiqləşdirməliyik. Faciənin iştirakçıları, faciəni törədənlərə qarşı beynəlxalq məhkəmə qurulması, beynəlxalq məhkəməyə verilməsi ilə əlaqədar müddəa, hesab edirəm ki, yerinə düşərdi. Mən səsləndirilən fikirlərə də qoşuluram ki, Heydər Əliyevin dediyi kimi, bu faciənin gerçəklikləri heç zaman unudulmamalıdır və unudulmasın deyə, Azərbaycanda Xocalı soyqırımı, ümumiyyətlə, soyqırım abidəsi ucaldılması ilə əlaqədar Azərbaycan hökumətinə müraciət edilsin. Bu istiqamətdə səylər artırılsın, bütövlükdə hesab edirəm ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı muzeyinin yaradılması da çox gərəklidir. Azərbaycana gələn xarici nümayəndələr də qoy Xocalı faciəsinin bütün çılpaqlığını görə bilsinlər, bir də gələcək nəsillər ermənilərin nə cür, hansı vəhşilikləri törətdiklərini görsünlər və heç zaman unutmasınlar.
Bayaq burada deyildiyi kimi, unutqanlıq da başımıza gələn faciələrin ciddi səbəblərindən biridir. Mən hesab edirəm ki, bizim bu istiqamətdə atdığımız addımlar, hökumətimizin, Prezidentimizin, Milli Məclisin, deputatların səyləri nəticə etibarı ilə ona gətirib çıxaracaq ki, dünya ictimaiyyəti bu soyuqqanlığa son qoyacaq. İndiyə qədər buna lazımi qiymət verilməməsi bizi həvəsdən salmamalıdır. Nə qədər çətin də, əziyyətli də olsa, nə qədər çox vaxt aparılması tələb olunsa da, biz bu yoldan çəkinməsək, nəhayət ki, dünyadakı biganəlik, soyuqqanlılıq buzunu sındıra biləcəyik və Xocalı faciəsi dünyanın ən qanlı faciələri sırasında öz yerini tuta biləcəkdir. Bu nöqteyi-nəzərdən bugünkü müzakirələrin əhəmiyyətini qeyd edirəm. Diqqətinizə görə çox sağ olun deyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən də Xocalı soyqırımı ilə əlaqədar dinləmələrin keçirilməsini alqışlayır, onları çox lazımi və aktual bilirəm və buna görə də parlament rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Doğrudan da, 15 il ərzində Xocalı soyqırımı ilə əlaqədar çox işlər görülüb, fərmanlar, siyasi qiymətlər verilib, möhtəşəm abidə ucaldılıb, minlərlə məqalə, yüzlərlə kitab yazılıb. Misal üçün, mən fəxr edirəm ki, 1993-cü ildə Xocalı hadisələrindən cəmi bir il keçəndən sonra Xocalı soyqırımı haqqında ilk dəfə rus dilində bir kitab tərtib eləmişəm və hörmətli Sabir Rüstəmxanlının təşəbbüsü ilə biz onu böyük tirajla, 5000 nüsxə ilə dünyaya yaymışıq. Bundan savayı rus mətbuatında, “Svoboda” radiosunda mən müntəzəm olaraq Xocalı hadisələri haqqında məlumat yaymışam və bəzi faktları bildiyimə görə indi də bu barədə danışmaq istərdim.
Əlbəttə, Xocalı soyqırımı, 20 yanvar soyqırımı haqqında yazılar və təhqiqatlar hələ qabaqdadır. Onlar 20–40 ildən sonra yaranacaq. Ona görə ki, böyük, ümumxalq hadisələrin təhlili və bədii əksi yazıçıdan distansiya, vaxt tələb edir və əsl yazıçı, əsl yaradıcı insan heç vaxt tələsməz, konyunkturaya varmaz. Amma biz deputatlar, dövlət adamları, siyasətçilər tələsməliyik. Erməni faşistlərinin Azərbaycan xalqına qarşı genosid faktlarını vaxtlı-vaxtında araşdırmalı və müvafiq beynəlxalq qurumlara təqdim eləməliyik. Bu istiqamətdə, məncə, iş ləng gedir. Mən qərar layihəsinin üçüncü bəndini çox yüksək qiymətləndirirəm, burada hüquq mühafizə orqanlarına tövsiyə edilir ki, Xocalı genosidini törədənləri məhkəməyə verməli, məhkəmə qurmalıdırlar. Genosidi törədənlər sənəd əsasında məhkum olunmalıdırlar. Sonra biz bu məsələni beynəlxalq məhkəmə sistemi qarşısında qoya bilərik, yəni təbliğat yaxşı şeydir və lazımdır. Amma biz bu gün hüquqi kateqoriyalara keçməliyik və beynəlxalq təşkilatlarla hüquqi dildə danışmalıyıq.
Mən Cəmil Həsənlinin, Əli Əhmədovun təkliflərini bəyənirəm. Biz çalışmalıyıq ki, bu kimi dinləmələr praktiki fayda, əməli nəticə versin. Biz Xocalı soyqırımını törədənlər haqqında təzə, dəyərli faktlar aşkar edək. Mən elə bilirəm ki, təzə faktlar var və onlar çoxdur. Bilirsiniz, mən bu istiqamətdə Latviya jurnalisti, rus mənşəli Tatyana Çaladzenin təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Tatyana 1990-cı illərin əvvəllərində Latviyadan Azərbaycana bir jurnalist kimi gəlib, bizim dərdimizə şərik olub. Qanlı-qadalı Qarabağ yollarını bizim əsgər və zabitlərlə birgə keçib. “Sostradanye” adında çox dəyərli bir kitab yazıb. Atəşkəs elan olunduqdan sonra o, Xocalı soyqırımı ilə yaxından məşğul olmağa başlamış, 4 il yarım xilas olmuş xocalıların ailələrində yaşamışdır. Onların faciəli hekayətlərini qələmə almış, həlak olmuş, itkin düşmüş soydaşlarımız haqqında, xilas olmuş xocalılara maddi və mənəvi ziyan haqqında çox qiymətli sənət toplusu yığıb 83 cild həcmində Respublika Prokurorluğuna təqdim etmişdir. Mənə elə gəlir ki, həmin sənəd toplusu əsasında mütləq məhkəmə qurmalıyıq və bu olacaq da.
Yeri gəlmişkən qeyd edim, Tatyana Çaladze yeganə jurnalistdir ki, “Realnıy Azerbaydjan”ın baş redaktoru Eynulla Fətullayevi xocalıların səlahiyyətli nümayəndəsi kimi məhkəməyə verib. Siz bilirsiniz ki, bu mənfur jurnalist az qala ermənilərin hüququnu müdafiə edənə çevrilib. Martın 15-də məhkəmə iclası keçiriləcəkdir. Mən əminəm ki, haqq zəfər çalacaq, çünki Tatyana Çaladzenin əlində çox qiymətli və dürüst faktlar vardır. Proses Yasamal Xalq məhkəməsində olacaqdır və mən burada bizi dinləyən jurnalistləri, deputatları, ziyalıları məhkəmədə iştirak etməyə çağırıram, çünki bu, ümummilli məsələdir və biz kənarda qalmamalıyıq.
İkinci məsələ. Mən layihənin ikinci bəndini də çox yüksək qiymətləndirirəm. Burada yazılıb ki, Milli Məclis yanında informasiya – tədqiqat mərkəzi yaradılsın. Amma mən təklif edərdim ki, bu mərkəzin statusu bir az genişləndirilsin. Ona əlavə səlahiyyət verilsin, ya da biz daimi işləyən xüsusi bir komissiya yaradaq. Bu komissiya qarşısında ermənilərin Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər, soyqırımlar haqqında faktların yığılması, araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması kimi vəzifələr qoyulsun. Jalə xanım düz dedi burada, bu iş pərakəndə yox, bir mərkəzdə cəmlənməlidir və istiqamətlənməlidir. Komissiya da ildə bir və ya iki dəfə Milli Məclisə öz işi haqqında məlumat verə bilərdi.
Mən konkret qərara gəldikdə bir neçə təklifimi vermək istərdim. Məncə, çox vacib təkliflərdir. Birinci, mən dediyim kimi, 83 cild yığılıb. İndi jurnalistlər, təhqiqatçılar işləyirlər. Dünən “Lider” kanalında da bizim politoloq Rövşən təzə faktları səsləndirib. Biz eyni rəqəmləri hər il deyirik və səsləndiririk. Amma bu rəqəmlər daha böyükdür. Misal üçün, öldürülən 31 uşaq haqqında da artıq məlumatlar vardır. Deməli, burada 63 uşaq deyilirdisə, bu rəqəm artıq 100-ə çatır. Biz hər il eyni rəqəmləri çeynəyirik, amma bu düzgün deyil. Rəqəmlər iki-üç dəfə artıqdır və bu, barədə hüquq mühafizə orqanlarında da sübutlar, dəlillər vardır.
İkinci, məni narahat eləyən bir məsələ də var. Yaxşıdır ki, biz bu qərar layihəsində, nəhayət, cinayətkarları sadaladıq, dedik, amma əsas cinayətkarlar yenə də kənarda qaldılar. Onlar kimlərdirlər? Mən kitabımda bunu yazmışam, özü də ruslar özləri bunu deyirlər. “Krasnaya zvezda”nın o vaxtkı müxbirləri bunu deyirdilər. Xocalı soyqırımı törədilməsində 366-cı alay və onun rəhbərliyi günahkardır. Amma ən əvvəl 366-cı alayın komandiri erməni mənşəli Yuri Zarviqorovdur. Onun adını nəyə görə səsləndirmədik? Düzdür, o bu hadisələrdə bilavasitə iştirak etməyib. Amma komandirdir və alayda gedən proseslərə görə məsuliyyət daşıyırdı. Azərbaycanda dislokasiya edən 4-cü ordunun komandanı Popov və MDB birləşmiş hərbi qüvvələrinin komandanı marşal Şapoşnikov da məsuliyyət daşıyırlar. Çünki Popov da, Şapoşnikov da bilirdilər ki, 366-cı alayın əksəriyyəti erməni mənşəli əsgər və zabitlərdir və onlar bu alayın Xankəndindən vaxtında çıxarılmasına söz vermişdilər, amma şərait yaratmadılar. Onu ancaq martın 3-də formalaşdırdılar. Ona görə də bu hadisəyə görə onlar bilavasitə məsuliyyət daşımalıdırlar. Yenə də hamımızı çağırıram ki, biz konkret olaq. Məndə belə faktlar çoxdur, lazım olsa, təqdim etməyə hazıram. Yaradılan mərkəzdə də, komissiyada da aktiv surətdə işləməyə hazıram. Biz Xocalı soyqırımını törədənlər haqqında təzə, dəyərli faktlar mütləq aşkar edəcəyik, gələcək nəsillər həqiqəti bilməlidirlər. Çox sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Elmira xanım. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu gün Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar keçirilən dinləmələr təşkil olunduğu üçün parlamentimizin rəhbərliyinə öz minnətdarlığımı bildirir və komissiyanın işini çox yüksək qiymətləndirirəm. İstər Xocalı faciəsinin 15 illiyi ilə əlaqədar qəbul olunan qərar layihəsi, istərsə də bəyannamə dolğun hazırlanmışdır və bizi qane edir. Əlbəttə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı keçirilən ən dəhşətli bir cinayət məhz 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermişdi. Xocalı soyqırımı mənfur ermənilərin xalqımıza qarşı XX əsrin əvvəllərindən başlayaraq məqsədyönlü siyasətinin yeni bir hissəsi, yeni bir qanlı səhifəsi idi. Əlbəttə, bu, uzun illər ermənilərin məqsədyönlü siyasətinin nəticəsi idi. Bir gecənin içində bir şəhərin əhalisinin və şəhərin özünün tamamilə yox olması, əlbəttə, insanlarımızın qəlbinə Xocalı yarası vurmuşdur.
Xocalı soyqırımı beynəlxalq cinayət kimi səciyyələndirilməlidir. Bu, tək xalqımıza qarşı deyil, eyni zamanda, insanlığa qarşı yönəldilən ən dəhşətli cinayətlərdən biridir. Tarixdən məlum soyqırımı hallarında insanların kütləvi öldürülməsi məlumdur. Burada isə öldürüləndən sonra insanların meyitlərinin eybəcər hala salınmasını, onların gözlərinin çıxarılmasını, dərilərinin soyulmasını və digər halları insanlığa və bəşəriyyətə qarşı çevrilmiş ən vəhşi cinayət hesab edirəm. Əlbəttə, BMT Baş Məclisinin qəbul etdiyi konvensiyada bu kimi halların beynəlxalq cinayət kimi səciyyələndirilməsi üçün burada şərtlərin hamısı uyğun gəlir. Biz bunların istər bəyanatda, istərsə də qərar layihəsində öz əksini tapdığını gördük.
Mən bəzi faktları burada demək istəyirəm, şübhəsiz, bu qanlı hadisənin şahidi olmuşam. Həmin vaxtlar, 1992-ci ildə təmsil etdiyim Yevlax şəhərində Qarabağ hadisələrinin şahidi olmuşuq. Bir həkim kimi fevralın 26-nın səhəri günü Ağdam şəhərinə yola düşdük. Orada mühasirədən çıxan insanları gördüm. Sonra, yük maşını ilə gətirilmiş və insanlığa sığmayan, doğrudan, tükürpədici bir hala salınmış meyitləri öz gözümlə görmüşəm. Burada Elmira xanım çox gözəl qeyd elədi. Bu statistik rəqəmlər barəsində bəzi fikirləri demək istəyirəm. Biz deyirik ki, 613 şəhidimiz və yaxud əsir düşənlərimiz var. Həmin hadisə vaxtı öz gözümlə gördüyümü demək istəyirəm. Sarsılaraq həmin gün dünyasını dəyişən insanlar da şəhidlərin siyahısına aiddir. Həmin hadisədən sarsılaraq ömrü boyu şikəst qalan insanları da biz bu siyahıya aid etməliyik. Şahidi olduğum bir hadisəni danışım. Bir telefonçu qız bu hadisəni eşidərək, ağır şok vəziyyətinə düşərək bizim xəstəxanamıza gətirilmişdi və ayılmayaraq orada dünyasını dəyişdiyinin şahidi olmuşam. Mən təklif edərdim ki, onları da statistik rəqəmlər siyahısına daxil edək.
Əlbəttə, bir gecənin içində bir şəhər yox oldu, insanlar qırıldılar. Ancaq bir Xocalı şəhərinin insanlarının timsalında biz xalqımızın, Azərbaycan xalqının nə qədər qeyrətli, torpağa, vətənə sədaqətli olduğunun şahidi olduq. İnsanlar qabaqcadan bilirdilər, hadisələrin gedişi buna aparırdı, lakin onlar öz doğma torpaqlarını, yurdlarını tərk etmədilər. Bir aylıq körpəsindən tutmuş 80 yaşında ahıl qocasına kimi mühasirədən çıxan hər bir adam soyuq meşələrə… Qarabağdan olan deputat həmkarlarımız bilirlər. Mən həmin günü heç vaxt yadımdan çıxarmaram. Fevralın 26-sı dəhşətli bir soyuq var idi, belə bir soyuğu, şaxtanı təsəvvür etmək mümkün deyildi. Həmin gün insanlar bir yaşında körpəsindən tutmuş ahıl qocasına kimi qəhrəmanlıq nümayiş etdirdilər. Mühasirədən çıxan zaman qızlarımız, gəlinlərimiz bir namus, qeyrət təcəssümü oldular. Onlar düşmənə əsir düşməmək üçün intihar yollarını axtarıb, tələb edirdilər ki, qoy onları güllələsinlər. Digər insanları xilas etmək üçün ana öz balasını sinəsinə basaraq boğmuşdu və bu faktları, əlbəttə, biz hamımız bilirik. Bunlar Xocalı faciəsinin görünən tərəfləridir. Biz bu yaxınlarda hörmətli Həvva xanımla da söhbət etdik. O, bir neçə faktı mənə verdi. Xarici ölkələrə səfərlərində bunları danışan zaman insanlar dəhşətə gəlmişdilər. Bəli, mən hesab edirəm ki, artıq Xocalı soyqırımının dünyaya çatdırılmasının ikinci mərhələsi başlamışdır.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən 1994-cü ilin fevralında Milli Məclisimiz tərəfindən Xocalı soyqırımı, Xocalı faciəsi kimi elan olunduğu gündən xalqımız ürəyində bir Xocalı yarasını yaşadır və bunu hər il qeyd edir. Bu bizim daxili tələbatımız üçün bəlkə kifayət deyil. Ancaq son 2–3 ildə artıq Xocalının informasiya bazası genişlənibdir. Xocalı soyqırımının qeyd olunmasının coğrafi məkanları Avropa ölkələrində genişləndirilib. Bu günlərdə Heydər Əliyev Fondunun Avropanın daha çox şəhərlərində Xocalı soyqırımını necə qeyd etməsinin şahidi olduq. Mən belə hesab edirəm ki, biz ruhdan düşməməliyik. Bu 15 ildə biz ancaq tək Qarabağ həqiqətlərini, xalqımızın başına gətirilən müsibətləri dünyaya çatdırmaq üçün informasiya blokadasını yararaq çıxmaq istəmişik. Bundan sonrakı addımlarımız məhz mərkəzləşmiş məqsədli şəkildə olmalıdır.
Hər bir insanın belə İnternet vasitəsi ilə informasiya ötürməsi özü belə Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində atılan mühüm addımlardan biri hesab olunar. Xocalı faciəsini dünyanın öz dilində danışmaq lazımdır. Bütün bu hadisələri, xırdalıqları bütün dillərdə, təmsil etdiyimiz Avropa ölkələrində məhdud dairədə, öz daxili tələbatımız üçün deyil, ölkələrin ictimai aktiv fəal təbəqəsinə çatdırmalıyıq. Bu istiqamətdə artıq uğurla addımlar atılmağa başlayır. Bu yöndə işimizi davam etdirməliyik.
Xocalı faciəsinin və ümumiyyətlə, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu qarşısında biz baş əyirik və bu qisas günümüzün heç də uzaq olmadığını qeyd edirik. Biz yaxın vaxtlarda dünya ictimaiyyətinə Xocalı soyqırımını izah eləmək üçün fərdi şəkildə də olsa, yəni əhali, insanlar, parlament, hökumət, qeyri-hökumət üzvləri bir yerdə mübarizə aparmalıdır və dünyaya bunu təqlid etməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün iclas başlamazdan öncə bizə bir qəzet paylamışdılar. “İradə” qəzetidir. Xocalı soyqırımına həsr olunub. Burada Musa adlı bir gəncin yazısı diqqətimi cəlb etdi. Yazının adı belədir: “Xocalı qanımıza yazılan bir intiqamdır”. Elə yazının özündə də qeyd olunur ki, Xocalıda törədilən cinayətləri, körpələrə, köməksiz insanlara, qadınlara, ağbirçək analara, ağsaqqallara qarşı törədilən vəhşilikləri ancaq ermənilər törədə bilərlər. Burada, əlbəttə, həmin cinayətkarların tutulub beynəlxalq məhkəmə, Azərbaycan məhkəməsi qarşısında cavab vermələrindən danışmalıyıq. Bunun üçün nə eləməliyik?
Mən də bu dinləmələri digər həmkarlarım kimi çox yüksək qiymətləndirirəm. Bu bəyanatla da diqqətlə tanış oldum, bəyanat, həqiqətən, yaxşı hazırlanıb. Amma bəyanatın 3-cü səhifəsinin axırıncı abzasına mən öz etirazımı bildirirəm. Bu da onunla əlaqədardır ki, biz yenə də erməniləri burada təkzib etməklə məşğuluq. Guya ermənilər Xocalı ilə bağlı nə danışırlar. Sabah, daha doğrusu, bu günün özündə də ermənilər bir üzdəniraq nadürüst Azərbaycan vətəndaşına istinad eləyərək yazacaqlar ki, Xocalıdakı qətllərin törədilməsində azərbaycanlıların özlərinin əli olub. Biz bunun təkzibi ilə məşğul olmalı deyilik? Biz Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Biz çox vaxt erməniləri təkzib eləməklə məşğul olmuşuq. Amma biz onlara cavab verməkdən, onları təkzib eləməkdən daha çox baş vermiş faciənin miqyasını dünya ictimaiyyətinə çatdırmalıyıq. Mənə elə gəlir ki, həmin abzas, ümumiyyətlə, bəyanatın mətnindən çıxarılmalıdır.
Bundan başqa, burada, 4-cü səhifədə də axırıncı abzas belə yekunlaşmalıdır: biz dünya birliyinə müraciət eləyirik və onlardan tələb eləyirik ki, beynəlxalq prinsiplər əsasında Dağlıq Qarabağ probleminin həll olunmasına yardım göstərsin, əks halda müharibə qaçılmaz olacaq və yaxın gələcəkdə baş verən bu müharibəyə görə Ermənistanla yanaşı, biz bunu açıq formada bəyanatda əks etdirməliyik, problemin həllini öz üzərinə götürmüş ATƏT, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər, o cümlədən Dağlıq Qarabağla bağlı dörd qətnaməsinin icrasına nəzarət eləməyən BMT buna görə məsuliyyət daşıyacaq, sanki bu qətnamələr BMT tərəfindən qəbul olunmayıb. Biz bu barədə açıq danışmalıyıq.
Bəyanatda qeyd olunub ki, Azərbaycan bütün vasitələrdən istifadə edərək öz torpaqlarını sonda azad edəcək. Amma bu kimi sözləri dövlət başçısı müəyyən danışıqlarda, görüşlərdə söyləyir. Parlament nümayəndəli orqandır, biz xalqın arasından seçilmiş millət vəkilləriyik, onların fikirlərini ifadə eləyirik. Məncə, daha açıq formada müharibədən danışmalıyıq və sabah müharibə başlayanda dünya birliyi deməsin ki, bunlar təcavüzkar, imperialist bir dövlətdirlər, müharibəyə başlayırlar, müharibə eləyirlər. Dünya birliyi artıq qəbul eləməlidir ki, Azərbaycan sonsuzluğa qədər danışıqlar apara bilməz. Bu xalq, millət öz torpaqlarını azad edəcək. Başqa vasitələr deyəndə biz məhz elə müharibəni nəzərdə tuturuq və bunun adını çəkməkdən çəkinməməliyik.
Başqa bir məsələ, məndən öncə 366-cı alayın komandiri ilə bağlı hörmətli Elmira xanım fikir söylədi. Bu, yetərli deyil. Bahar xanım, biz Köçəryanın adını niyə salmırıq buraya? Bəllidir ki, Köçəryanla biz danışıq aparırıq. Bu bir reallıqdır ki, Köçəryan Ermənistanı təmsil edir. Amma Köçəryan həmin vaxtlar erməni terrorist təşkilatına rəhbərlik eləmiş bir şəxsdir. Miloşeviçin özü də gedib birbaşa Kosovoda albanların qırılmasında iştirak eləmirdi. Amma o da ali baş komandan idi və baş verən bütün cinayətlərə görə məsuliyyət daşıyırdı, ona görə də beynəlxalq tribunal qarşısında cavab verməli oldu. Ona görə də biz Köçəryanın adını da bu bəyanatda yazmalıyıq. Vaxtı ilə çəkindik ki, Primakov Federal Təhlükəsizlik Xidmətinin rəhbəridir. Rusiyada yüksək vəzifə tutur. 20 yanvar hadisələrinin törədilməsində birbaşa əli olmasına, cinayətin təşkilatçısı və rəhbəri olmasına, Qorbaçov səviyyəsində olmasa da, hər halda Qorbaçova yaxın səviyyədə məsuliyyət daşımasına baxmayaraq, biz vaxtı ilə Milli Məclisin qərarına Primakovun adını salmamışdıq. İndi də Köçəryanın adını salmırıq. Bu məni təəccübləndirir. Mən təklif edirəm, mütləq Köçəryanın adı həmin bəyanatda cinayətkarlarla bərabər çəkilsin.
Qərar layihəsi ilə bağlı da bir neçə fikrimi bildirmək istəyirəm. Layihənin qərar hissəsindən söhbət gedir, təsviri hissəsindən yox. Burada, Milli Məclis yanında informasiya təhqiqat mərkəzi yaradılması barədə Milli Məclis qərar qəbul eləyir. Mənim şəxsən təklifim bundan ibarətdir ki, belə bir informasiya təhqiqat mərkəzinin yaradılmasından daha çox Milli Məclisin Qarabağla bağlı daimi komissiyasının yaradılması məqsədəuyğun olar. Mən təklif edirəm ki, Oqtay müəllim bu məsələni nəzərə alsın və lazımdırsa, həmin məsələni biz bir daha müzakirə eləyək. Bu yaratdığımız komissiyaya da Bahar xanım sədrlik edə bilər. Milli Məclisin digər sədr müavinləri həm də komissiya sədrləridirlər. Bahar xanım Füzuli bölgəsindəndir, Füzulinin də böyük bir hissəsi işğal altındadır. Bu daimi komissiyanın tərkibində elə informasiya təhqiqat mərkəzi də öz işini görsün. İşə qəbul edəcəyimiz işçilər daimi komissiyanın məsləhətçiləri olsunlar, yaxud digər vəzifələr tutsunlar. Bu daimi komissiya biz Qarabağı azad eləyəndən sonra da bizə lazım olacaq. Ona görə ki, insanların öz yurd-yuvalarına qaytarılmasından, orada bərpa işlərindən söhbət gedəcək. Yəni uzun illər bu komissiya gərgin işləməlidir, Milli Məclis Azərbaycanın bu problemindən kənarda qalmamalıdır və icra orqanları ilə yanaşı, Milli Məclisin Dağlıq Qarabağla bağlı belə bir daimi komissiyası olmalıdır. İnformasiya təhqiqat mərkəzi yalnız məlumat toplamaqla məşğul olur. Amma bu komissiya həm millət vəkillərini bu cür informasiyalarla təmin eləyə bilər, həm də komissiya olaraq özü bu siyasətin həyata keçirilməsində Xarici İşlər Nazirliyi ilə paralel olaraq qanunverici orqanın daimi komissiyası kimi iş görə bilər. Bizim yaradılmış komissiya kifayət qədər mötəbər bir tərkibə malikdir. Elə bu tərkibə daimi komissiya statusu biz verə bilərik ki, həmin işləri görsün.
3-cü hissədə qeyd olunur ki, hüquq mühafizə orqanlarına Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması üçün görülən tədbirləri gücləndirmək tövsiyə edilsin. Prokurorluq orqanları tərəfindən kifayət qədər böyük iş görülüb. Təqribən bir gün öncə respublikanın hərbi prokurorunun da televiziya ilə çıxışına qulaq asdım. Artıq 30-a qədər cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib, onların barəsində axtarış elan olunub. Sadəcə, biz hüquq mühafizə orqanlarından tələb eləməliyik ki, bu məsələnin məhkəmə baxışını təşkil etsinlər. Şəhidlərin çoxu yaşa dolmuş insanlardırlar. Bu lentə alınmalıdır. Qiyabi də olsa, məhkəmə keçirilməlidir. Bizim qanunvericilik də buna imkan verir. Azərbaycan məhkəməsində bu məsələyə məhkəmə hüquqi qiymət verəndən sonra biz bununla paralel həm də beynəlxalq məhkəmə qarşısında məsələ qaldırmalıyıq. Çalışmalıyıq ki, Köçəryan başda olmaqla həmin cinayətkar dəstə 366-cı alayın rəhbərliyi ilə birlikdə cinayət məsuliyyətinə cəlb edilib, cəzalandırılsın.
Sonuncu, 4-cü bənddə isə təklif edirəm ki, Xarici İşlər Nazirliyinə bizim bəyanatın xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara çatdırılmasını tövsiyə edək, bir vəzifə kimi bunu Milli Məclisin qərarı ilə onların üzərinə qoyaq. Bizim onlardan tələb etməyimiz bir az düz çıxmaz. Hər halda xahiş edək ki, bizim bu bəyanatın çatdırılmasını təmin eləsinlər. Bizim səfirlər parlamentlərin rəhbərləri, parlament rəhbərliyində olan digər vəzifəli şəxslərlə, beynəlxalq təşkilatların nümayəndələri ilə görüş istəsinlər və bəyanatları öz əlləri ilə təqdim etsinlər. Biz poçt ilə göndərəcəyik, onlar da aldılar, bir nəfər oxudu, götürdü qoydu sənədin arasına. Bu formada olmamalıdır. Mən bununla da çıxışımı yekunlaşdırıram. Sonda bir daha bu sənədin üzərində zəhməti olan şəxslərə öz minnətdarlığımı bildirirəm və müzakirələri də çox müsbət və xeyirli bir tədbir kimi qiymətləndirirəm. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və kütləvi informasiya vasitələrinin nümayəndələri! Həqiqətən də, bugünkü müzakirə vaxtında aparılan bir müzakirədir, çünki Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri dünyanın bütün ölkələrinə müəyyən qədər məlum olubsa və bundan sonra daha da intensiv iş aparılacaqdır. Əvvəlcədən qeyd eləyim ki, mən komissiya üzvlərinə, Bahar xanıma öz dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, yüksək səviyyədə müasir tələblərə, beynəlxalq hüquqa cavab verən sənədlər hazırlanmışdır. Azərbaycan ictimaiyyəti bu sənədi, ola bilsin, çoxdan gözləyirdi. Faciəyə hüquqi, siyasi, elmi, tarixi qiymət verilməsinin artıq vaxtıdır. Bundan başqa, hesab edirəm ki, Xocalı soyqırımı ilə bağlı qəbul etdiyimiz sənəd bütün dünya parlamentlərinə çatdırılmalıdır. Bu bizim ölkə Prezidenti cənab İlham Əliyevin həm də tövsiyəsidir. Eyni zamanda, hesab edirəm ki, soyqırımının tanınması Qarabağda ermənilər tərəfindən törədilən kütləvi qırğın haqqında bir sənəd, bəyanatla paralel qəbul olunsun. Bəzi hallarda soyqırımının dünya səviyyəsində qəbul olunması müəyyən problemlər yaradır. Amma kütləvi qırğın haqqında bir sənədin qəbul olunması isə ondan daha asan olar. Bu mənim şəxsi fikrimdir. Əlbəttə Milli Məclisin üzvlərindən asılı olacaqdır.
Digər tərəfdən, bayaq dediyim kimi, hər iki sənəd çox yüksək səviyyədə hazırlanıb. Bəyanatın 5-ci səhifəsində ikinci abzasda Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv mövqe tutmağa, silahlı qüvvələri işğal olunmuş torpaqlardan azad etməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa çağırır yox, tələb edir. “Tələb edir” sözlərini əlavə etmək daha məqsədəuyğun sayılardı.
Qərar layihəsinin xüsusi ilə də qərar hissəsinə bəzi məsələlər əlavə olunmalıdır. Dünya ölkələri parlamentlərinin soyqırımını rəsmi tanıması üçün xüsusi müraciət qəbul edirik. Hesab edirəm, 366-cı alayın tərkibində əsasən diqqəti ermənilərə yönəltmişik, bu bir az yarımçıqdır. Burada ruslar da yaxından iştirak etmişlər. Həmin ruslar sonrakı illərdə, 1992 – 1993-cü illərdə ətraf rayonların işğalında da fəal iştirak etmişdilər. Bu da öz əksini sənəddə tapmalıdır. Bu bir də ona görə lazımdır ki, ruslardan, Rusiyadan dünyanın bir çox aparıcı dövlətlərinin də xoşu gəlmir. Əgər burada rusların adları çəkilsə, ola bilsin ki, bu sənəd daha dəyərli olar. Digər tərəfdən, adları sadalanan ermənilər içərisində Qukasyan, Köçəryan, Balayan, Sarkisyanın adları var. Onlardan ikisi Ermənistanın rəhbəridir. Onların adlarını buraya niyə daxil edə bilmirik? Özünü heç kim tərəfindən tanınmamış qondarma qurumun prezidenti adlandıran Qukasyanın və Zori Balayanın adlarının bu siyahıya düşməyinə nə mane olur?
Burada səsləndi ki, Zori Balayan İnterpol tərəfindən axtarılır. Mən buna inanmıram, çünki Zori Balayan bu gün bir ölkədədir, sabah digər ölkədə. Cənab Əli Əhmədovun dediyi kimi, onun yerdəyişmələri, müxtəlif ölkələrə, təşkilatlara dəvəti niyə qadağan olunmur və ya bunlara məhdudiyyət qoyulmur? 2001-ci ildə Minsk şəhərində terrorizmə aid bir kitab nəşr olunub. Orada misal gətirilir, daha doğrusu, konkret göstərilir ki, dünyada 120-yə yaxın terror təşkilatı var. Onlardan elə 17-si ermənilərlə bağlıdır. Dünyada bir sıra ölkələr Ermənistanı terrorçu dövlət kimi tanıyırlar. Bunlar da bəyanatda öz əksini tapmalıdır. Ermənistan təkcə təcavüzkar kimi yox, eyni zamanda, terrorist bir dövlət kimi göstərilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Çıxış edən bütün natiqlərə qoşularaq demək istərdim ki, şübhəsiz, Azərbaycan parlamentinin tarixində Xocalı soyqırımı ilə bağlı ictimai dinləmənin keçirilməsi həm parlament tarixində, həm də ölkəmizin tarixində, doğrudan da, atılmış çox böyük bir addımdır. Mən də komissiya üzvlərinin çəkdikləri əziyyətə, yaratdıqları sənədə görə böyük təşəkkürümü bildirirəm, çünki əslinə qalanda bu hər birimizin işidir və icazə versəydiniz, bir neçə təklifimi nəzərinizə çatdırardım. Daha doğrusu, bir fikrimin müzakirə olunmasını istərdim.
Mənə elə gəlir ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı və bəyanatı tərcümə edilərək bir çox ölkələrin, həmçinin Avropa ölkələrinin parlamentlərinə, həmçinin də beynəlxalq təşkilatlara göndəriləcək. Ona görə Azərbaycan Respublikası Milli Məclisinin qərarını beynəlxalq standartlara uyğun bir şəklə salmaq daha məqsədəuyğun olardı. Hər halda beynəlxalq hüquqşünasların da fikrini eşitmək çox yaxşı olardı. Bilirsiniz ki, bu günə kimi dünya praktikasında Serbiya, Kosova ilə bağlı bu cür sənədlərin hazırlanması praktikası var. Mənə elə gəlir ki, biz həmin sənədlərin hazırlanması praktikasına istinad etsək, belə demək mümkünsə, həmin sənədlərin hazırlanma trafaretindən istifadə etsək, daha müvəffəqiyyətli işə nail ola bilərdik. Bu cür sənədlərin girişində bir preambula hissəsi olur. Yəqin ki, belə bir mətni əlavə etmək mümkündür.
Daha bir məqamı nəzərinizə çatdırmaq istərdim. Xocalıda baş vermiş hadisələrlə bağlı 30-a yaxın beynəlxalq konvensiya pozulub. Bu konvensiyaların içərisində uşaqların hüquqlarının müdafiəsi, hərbi əsirlərlə, dinc əhali ilə rəftar məsələləri ilə bağlı konvensiyalar var. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günlərədək məlum deyildir. Beləliklə, aşağıdakı konvensiyaları bir-bir sadalamaq daha məqsədəmüvafiq olardı.
Daha bir məqamı güman edirəm ki, müzakirə edə bilərik. Ermənistanın türklərə qarşı qaldırdığı 1915-ci ildə guya erməni soyqırım olduğu məsələsini müzakirə edərik. Eyni zamanda, bilirik ki, bu məsələ artıq bir sıra Avropa ölkələrində müzakirə obyektinə çevrilmişdir. Mənə belə gəlir ki, biz, sadəcə, ermənilərə “sən bu sözü demə, biz sözümüzü deyək” məntiqi ilə deyil, “sən bu sözü deyirsən, yəni erməni soyqırımı barədə danışırsan, biz də sənin dediklərinə paralel olaraq Xocalı faciəsi ilə bağlı soyqırımından danışırıq”, yəni biz də paralel olaraq bu sənədləri təqdim edirik. Əgər, doğrudan da, İsveç, Fransa, Amerika erməni soyqırımını tanıyacaqlarsa, biz paralel olaraq bu soyqırımı da tanıdaq. Yox, əgər tanımayacaqlarsa, eybi yoxdur, biz də bu məsələdə balans saxlayarıq. İstəsək də, istəməsək də, Rusiya və Amerika Minsk qrupunun həmsədrləridirlər. Bu ölkələrdə baş verən hadisələr bizim xoşumuza gəlsə də, gəlməsə də, bunlar bizim taleyimizdə mühüm rol oynayan ölkələrdirlər. Ona görə mən belə bir təklif verirəm.
Daha bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlət tərəfindən bir sıra tədbirlər görülüb, ölkəmizdə, şəhər, rayonlarda abidələr ucaldılıb. Məncə, bu bizim gündəlik işimizdir, bunun qərarda olub-olmaması sizin qərarınızdan asılıdır. Amma mənə elə gəlir, qərarı yüngülləşdirmək və beynəlxalq sənədlər formasında olması üçün bu məqamları nəzərə alsaq, yaxşı olardı. Hər halda qərarın sonuncu hissəsində “Azərbaycan Respublikasının Milli Məclisi qərara alır” sözləri yazılmalıdır. Məsələn, qərarın bəndləri kimi nəyi vermək olar? Yuxarıda sadalanan beynəlxalq hüquq nöqteyi-nəzərindən Xocalı soyqırımı soyqırım kimi tanınsın. Qərarın ikinci hissəsində dünya dövlətlərinə, parlamentlərinə XX əsrdə baş vermiş bu faciənin tanınması üçün Azərbaycan parlamentinin müraciəti və onu müşayiət edən sənədlər toplusu əksini tapsın. Bizdə belə sənədlər toplusu var. Fotolar, kasetlər, kitablar, istintaq materialları var. Bu cür göndərilməsini təklif edirəm.
Üçüncü məqam da İnterpolla bağlıdır. İnterpolun vasitəsi ilə bu cinayətdə iştirakı sübut edilmiş şəxslərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunması məsələsi qaldırılmalıdır. Bizim Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyimiz real deyil, respublikanın ərazisində baş vermiş cinayətləri bizim Cinayət Məcəlləsi ilə məhkum edə bilərik, amma İnterpol vasitəsi ilə Avropa İnsan Haqları Məhkəməsinə müəyyən mənada əl ata bilərik.
Bu məsələlərdən əlavə, bilirsiniz ki, bir çox millət vəkilləri bu yaxınlarda Xocalı əhalisi ilə görüşüblər. Mən fürsətdən istifadə eləyib bir neçə məsələni də Milli Məclisin, sədarətin, əsasən də Oqtay müəllimin nəzərinə çatdırmaq istərdim. Cənab Sədr, bilirsiniz ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə şəhid ailələrindən olan insanlara 100 yeni Azərbaycan manatı ayrılması nəzərdə tutulmuşdur. Xocalı şəhərindən olan Mehdi Əliyevin iki qardaşı, ata-anası Xocalıda rəhmətə gedib. Bu oğlan bu gün ordu sıralarındadır. Ona bu gün müavinət verilmir ki, sən şəhid ailəsi deyilsən. Murad Məhərrəmov var, 5 uşaq saxlayır, qardaşının uşaqlarıdır hər iki valideynini itiriblər, bu ailəyə də verilmir. Tofiq Hüseynov Milli Qəhrəmandır, həyat yoldaşı da həlak olub, bu ailəyə də verilmir. Biz ictimai birliklərin yaradılması haqqında tez-tez danışırıq. Xocalı sakinləri bu il ictimai birlik yaratmaq istəyirlər, nə qeydiyyatdan keçə bilirlər, nə də ofis, avadanlıq almaq üçün imkanları var.
Bir məsələyə də fikrimi cəmləmək istərdim. Müzakirələrdə səsləndi ki, hər hansı vətəndaş nə edə bilər, yalnız dövlət qurumları lazımdır, yalnız əli İnternetə çatan nə isə eləyə bilər. Mən bu fikirlə razı deyiləm. Unutmamısınızsa, uzun zaman, Sovet İttifaqı dağılan vaxt hər birinizin eşitdiyi bir məsələ var idi. Keçmiş Stepanakertdə, yəni Xankəndində qoca erməni təqaüdçüsü pensiyanı alan kimi vəzifədə olan azərbaycanlılarla bağlı Moskvaya məktub yazırdı, şər yazırdı, böhtan yazırdı. Amma hər pensiyasını alanda bir məktub yazırdı ki, Əhmədov Məhəmməd, yaxud Həsənov Məmməd, bu işçi belə elədi, qoymayın, dağıtdılar, gəlin, onları Stepanakertdə həbs eləyin. Mən Xocalı sakinlərinə bunu da təklif elədim.
Respublika Uşaq Təşkilatının nəzdində bu qərargahı yaratdıq. Mənə elə gəlir ki, ingilislər də, fransızlar da bizim kimi adi insanlardırlar və onların hiss, həyəcanları bizimkindən heç də fərqlənmir. Bizim heç bir dövlət təminatımız yoxdur, amma mən bir il müddətində Xocalıdan olan bütün uşaqların məktublarının öz xətləri ilə hazırlanması, onların minimum 3–4 xarici dilə çevrilməsi və birbaşa konkret insanlara göndərilməsini Respublika Uşaq Təşkilatında təşkil edəcəyəm. Güman edirəm ki, hər bir millət vəkili də bu cür addımlar ata bilər. Ümumiyyətlə, Azərbaycanın hər bir vətəndaşının ata biləcəyi addımlar var. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ümumi məsələlərə toxunmayacağam, dəyərli fikirlər deyildi. Mən konkret bu iki layihə ilə bağlı fikrimi deyəcəyəm. Əvvəla, onu deyim ki, əvvəlki layihədən fərqli olaraq burada xeyli müsbət istiqamətdə dəyişiklik var, adından başlayaraq bir sıra məsələlərdə dəqiqləşdirmələr aparılıb. Amma bununla belə bir sıra məsələlərə diqqət yetirmək lazımdır.
Yenə də bu sənədlərin adı məsələsindən başlayım. Hər iki sənədin adında “Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar” sözləri gedir. Mənə elə gəlir ki, “Xocalı soyqırımı” yox, “Xocalı soyqırım aktı” desək, daha gözəl olar, çünki bu faciəli fraqmentlərdən biri, Qarabağ faciəsinin yalnız bir hissəsi idi. Mətndə bir sıra yerlərdə “soyqırım aktı” sözləri gedir və məncə, daha məntiqlidir. 31 mart azərbaycanlıların soyqırımı günü elan olunub və Xocalı soyqırımı da ikili anlaşılmasın.
Sonra, köhnə mətndə 8 dəfə “erməni millətçiləri” yazılmışdı, burada da kifayət qədər çoxdur, bir yerdə “ifrat erməni millətçiləri” yazılıb. Mənə elə gəlir ki, bu sənəd tərcümə olunacaq və tərcümə olunduğu üçün də diqqət yetirmək lazımdır. “Millətçi” sözünün neytral mənası var və neqativ də, pozitiv də olur. Əgər neqativ tərəfini göstərmək istəyiriksə, onda “ifrat millətçi” deməliyik.
Bundan daha vacib bir məsələyə toxunmaq istərdim. İllərlə “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” terminindən istifadə edilir. Bilmirəm bu anlayışı kim kəşf eləyib, amma mənə elə gəlir ki, buna da yenidən baxmaq lazımdır, çünki “münaqişə” sözü də neytral bir anlayışdır. Konstruktiv münaqişə, sosial münaqişə, digər münaqişələr olur. Bir də onun destruktiv tərəfi olur. Əgər özümüz Dağlıq Qarabağı mübahisəli torpaq hesab ediriksə, onda xaricilərdən, başqalarından nə gözləyək? Münaqişə çoxdandır Dağlıq Qarabağ sərhədlərini aşıb. Azərbaycan–Ermənistan münaqişəsi, dediyim kimi, mübahisəli bir ərazi ilə bağlı ola bilər.
Sonra, mətndə deyilir ki, 1988-ci ildən münaqişə başlayıb. Məncə, burada da diqqətli olmaq lazımdır. Hansı termini istifadə eləmək lazımdır? Bu, Ermənistanın Azərbaycana təcavüzüdür. Bunun başqa adı yoxdur və bu təcavüz 1988-ci ildən başlamayıb. Bu təcavüz 1987-ci ildən başlayıb. Xatırlatmaq istəyirəm, Yerevanda Ermənistan Akademiyasında petisiyaların təşkili, ondan sonra azərbaycanlıların artıq bu mərhələdə qovulma prosesinin başlanması, Dağlıq Qarabağ Təşkilat Komitəsinin yaranması və sair və ilaxir. Bu münaqişə 1987-ci ildə başlayıb.
Daha sonra, burada bir neçə rəqəm var, mənə elə gəlir ki, bu rəqəmlərə də yenidən diqqətlə yanaşmaq lazımdır. Bu sənəd tərcümə olunacaq, məncə, diqqətli olmağa ehtiyac var. Qərar layihəsinin 2-ci səhifəsində yazılır: “Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədilərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər”. Mən tarixçiyəm və belə bir rəqəmə rast gəlməmişəm. Bunu ən azından biz tərcümə edirik və ilk dəfə belə bir sənəddə gərək olmasın. Ən azından bununla bağlı tədqiqat işi, akademik bir iş olar və sual da meydana çıxanda deyərik ki, biz hesablamışıq, filan məqalədə, filan kitabda bu cür yazılır.
Sonra, çox yayılmış yuvarlaq bir rəqəm var. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması göstərilir. Məncə, “20 faizə qədərinin” yazılmalıdır. Əgər dəqiq hesablasaq, yenə də o qədər olacaq. “1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan edilərkən onun ərazisi 9 min kvadrat-kilometr olmuşdur” cümləsini, mənə elə gəlir ki, bir az dəyişdirmək lazımdır. Ən azından stilistik baxımdan. Demək olar ki, “rəsmi Yerevanın nəzarəti altında olmuşdur” və sair. Bütün tarixi əsərlərdə 21 min kvadrat-kilometr göstərilir. 3-cü səhifədə deyilir ki, azərbaycanlılara qarşı 1905, 1907, habelə 1918–1920-ci illərdə soyqırımı aktları olub. Burada bir sıra şəhərlərin adları çəkilib. Cəmil müəllim Tiflislə başlamamağı təklif etdi, mən də hesab edirəm ki, bu, yanlışdır. Burada 1918-ci ilin mart hadisələri baş verəndə cənubda da belə hadisələr olub.
Sonra, həmin qərar layihəsinin 3-cü səhifəsində 1948–1953-cü illərdə Ermənistandan 100 minlərlə azərbaycanlının deportasiya edilməsi göstərilir. Mənə elə gəlir ki, buraya “növbəti dəfə” sözlərini əlavə eləsək, tarixi həqiqətlərə uyğun olar.
Sonra, 4-cü səhifədə maraqlı bir cümlə var. Ən azından üslub baxımdan, bu, dəyişilməlidir, çünki tərcümə olunub xaricə göndəriləcək. 4-cü səhifənin sonunda deyilir: ”Əlbəttə, bu səbəblərdən biri 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması, yeni nəsillərin beynəlmiləlçilik ruhunda tərbiyə olunması, xalqlar dostluğunun tərənnüm edilməsi olmuşdur”. Çox doğrudur, heç bir irad yoxdur. Yəni azərbaycanlıların məruz qaldıqları hərəkətlərin səbəbləri sırasında sonuncu, mənə elə gəlir ki, iki səbəb çıxarılmalıdır, ya da ən azından üslub baxımından dəyişilməlidir.
Daha sonra, 5-ci səhifədə deyilir: “Erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilmişdir”. Məncə burada insaflı olmaq lazımdır, 1993-cü ildən əvvəl də təbliğat baxımından işlər görülmüşdü və bunların üstündən qara çəkmək, düzgün deyil. Üslub baxımından, mənə elə gəlir ki, dəyişməyə ehtiyac var.
Nəhayət, qərar hissəsi ilə bağlı. Mənim çox bəyəndiyim bir maddədir. Çox təvazökarcasına informasiya-tədqiqat mərkəzi yaradılması qeyd edilib. Məncə, Azərbaycanda Qarabağla bağlı bir strateji araşdırmalar mərkəzinin yaradılmasına ehtiyac var. Nə gözəl, bu mərkəz Milli Məclisdə olsa, daha yaxşı. Qərar hissəsinin üçüncü hissəsində hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, günahkar şəxslərin məhkəməyə cəlb olunması sahəsində işlər görülsün. Bir neçə adam danışdı, Cəmil müəllim də danışdı, Qüdrət bəy də danışdı. Robert Köçəryan niyə bu siyahıda yoxdur?
İkinci, fələstinlilər Şaronu, İsrailin keçmiş baş nazirini məhkəməyə vermişdilər və Haaqa məhkəməsi onunla bağlı qərar çıxardı. Haaqa məhkəməsi onun Belçikaya gəlişini qadağan etmişdi. Ən azı bu, Şaronu müdafiə mövqeyinə çəkilməyə məcbur etdi. Niyə hüquq mühafizə orqanları və yaxud hüquqları tapdalanmış, evləri darmadağın olunmuş xocalılar Robert Köçəryanı və Serj Sarkisyanı məhkəməyə verməsinlər? Məncə, qərarda belə bir bəndin olması çox yaxşı olardı: “İcraedici hakimiyyətə tövsiyə edilsin ki, Ermənistanın təcavüzkar dövlət kimi tanınması istiqamətində səylərini artırsın”. Baxın, soyqırımla bağlı təbliğat aparılır. Hələ istifadə olunmamış potensial çoxdur. Amma Ermənistanın təcavüzkar dövlət elan edilməsi istiqamətində işlər çox zəifdir. Əgər soyqırım məsələsi müdafiə mövqeyidirsə və bu, bir hücumçu olardı və onun siyasi nəticələri daha çox olardı. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Deyilən təkliflərə baxın. Amma mən bir məsələni araşdırmaq istəyirəm. Siz dediniz ki, “2 milyon” rəqəmi dəqiq deyil. Mən indi tarixçi kimi sual vermək istəyirəm, Ermənistan Türkiyəni soyqırımında təqsirləndirdiyi illərdə Türkiyədə nə qədər erməni əhali var idi? Cəmi 400 min. Onun da 100 mini dediklərinə, sənədlərə görə Ermənistana köçüb gəlmişdi. 400 min haradan gəlib oldu 2 milyon? Harada dəqiq sənədlər var? Biz bu sənədləri nə cür dəqiqləşdirməliyik? Mən sual verdim. Buyurun, cavab verin.
N. Nəsibli. Çox sağ olun. Mən bunu vurğulamaq istədim ki, həmin sənəd tərcümə olunacaq və mütəxəssis, xüsusi ilə də xarici mütəxəssis onu oxuyanda yanında sual işarəsi qoymasın. Həmin şəxslər üçün bu, göydəndüşmə bir rəqəm olur. Mən də onu sual formasında dedim ki, əgər elə bir məqalə, elə bir araşdırma varsa, o, ortada olmalıdır. Amma belə bir araşdırma yoxdur.
Sədrlik edən. Elə araşdırma var. Gələrsiniz, mən Sizə onu təqdim edərəm. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Keçirdiyimiz müzakirə parlament tarixində özünün həm əhatəliyinə, həm də geniş şəkildə təhlilinə görə seçilir. Məsələ aylarla diqqətimizdə olduğuna görə, mənə elə gəlir ki, fikirlər bizim natiqlər tərəfindən Qarabağ dərdimizin, problemimizin həlli üçün qiymətli fikirlər söylənilir. Bu, parlamentimizin həyatında olduqca yeni, cəsarətli və qiymətli bir addım kimi qiymətləndirilməlidir. Mən hesab edirəm ki, çox maraqlı fikirlər söylənildi. Komissiyada olan əməkdaşlar çox böyük zəhmət çəkiblər, xüsusi ilə də Bahar xanımın bu işdə əməyini mən qiymətləndirirəm.
Cənab Sədr, burada söylənilən təkliflər çox oldu, amma bəzi deputat həmkarlarımız, sözün əsl mənasında, bir neçə tutarlı faktlar dedilər. Bəlkə də bunların müəyyən hissəsi ilə sədarət də razılaşır. Ona görə yaxşı olardı ki, Bahar xanım bu gün, yaxud sabah komissiya üzvlərini dəvət edər, rahat oturub əlavə fikirlər söyləyərik. Bu da bizim işimizin, qəbul etdiyimiz sənədin daha güclü olmasına təsir göstərə bilər. Xocalı soyqırımı, Xatın, Xirosima, Naqasaki və dünyada indiyə qədər baş vermiş faciələrin adları çəkildi. Çox haqlı olaraq deyildi ki, Xocalı soyqırımı bunların içərisində öz dəhşətliliyi, haqsızlığı ilə fərqlənir. Nə üçün fərqlənir? Əgər faşistlər gəlib Belarusiyada, Xatında, hər hansı bir kənddə qanlı terror törədiblərsə, amma ermənilər, bizim nadürüst qonşularımız ərazi, böyük Ermənistan yaratmaq iddiası ilə bizim ərazilərimizi hissə-hissə işğal ediblər. Uzun illərdən bəri böyük Ermənistan yaratmaq iddiasında olublar. Torpaqlarımızın da müəyyən hissəsini qoparmağa nail olublar. Bu, olduqca dəhşətli və müqayisə olunmayan bir faciədir.
Digər tərəfdən, keçən 15 il ərzində burada söylənildi, mənbələrdə də var, çox haqlı olaraq deyildi ki, rəqəmlər bəlkə də dəqiqləşdirilməlidir, yeni-yeni faktlar ortaya çıxır, yeni-yeni tədqiqatların nəticəsi olaraq bizə məlum olmayan faktlar araşdırılır. Bunlar çox doğru fikirlərdir. Bizim 1 milyon qaçqınımız son 15 il ərzində artıb, onların övladları dünyaya gəliblər, bəlkə 2 milyona çatıbdır. Əlbəttə, burada bir həqiqət var ki, onun ağırlığı bizim Azərbaycanın üzərindədir, onların taleyi bizim taleyimizdir. Ona görə də bu məsələləri bəlkə də biz daha dərindən düşünməliyik. Xocalı soyqırımı təkcə bir gecənin, təkcə Xocalıda yaşayan insanların deyil, bütün Qarabağın, Azərbaycanın faciəsidir. 15–20 ildir ki, bizim təbiət, tarixi abidələrimiz soyqırıma məruz qalırlar. Bəşəriyyət bunu bilməlidir. Viran qoyulur. Elə tarixi, təbiət abidələrimiz var ki, bizə canımızdan da qiymətlidir. Bu məsələnin sənəddə öz əksini tapmasına böyük ehtiyac vardır.
Hörmətli deputat həmkarım Əli Əhmədov çox haqlı olaraq dedi ki, ən əvvəl bu soyqırıma laqeyd baxanların haqqında düşünmək lazımdır. Bizdə çox gözəl tarixi “deyimlər” olubdur: “Bir maşın erməni başı”, “Şuşa getsə, gülləni başıma vuraram”, “onlara əl borcu vermişik”. Bunların hamısı bizim yaddaşımızda qalmalıdır, biz düşünməliyik ki, nə üçün belə olub? Həmin illərdə bir tərəfdən hakimiyyətin zəifliyi, laqeydliyi, digər tərəfdən isə müxalifətin insanların narazılığı pərdəsi altında hakimiyyətə gəlmək iddiası, bizim səhvlərimizdir. Bunu heç kim inkar edə bilməz. Mən hesab edirəm ki, biz Xocalı soyqırımı, ümumiyyətlə, Qarabağ dərdimizlə əlaqədar tədqiqatlarımızın sistemliyinə nail olmaq üçün müəyyən işlər görülməlidir. Yaxşı olardı ki, Qarabağ problemi ilə əlaqədar indiki nəsil, gələcək nəsillərin maariflənməsi, onların öyrənməsi üçün sistemli bir mənbə hazırlansın, strateji mərkəz, assosiasiya, bir qurum yaradılsın. Bu, məsələnin təşkilati tərəfidir. Amma ardıcıl olaraq gələcək nəsillərə çatdırılması üçün orta və ali məktəblərdə tariximiz kimi təsis edilməsinə böyük ehtiyac vardır. Biz özümüz də fevralın 25 və 26-da bu hadisələri yada salırıq. Mən bunu hamıya aid etmirəm. İnsanlarımız var ki, gecə və gündüz bu yara ilə yaşayırlar və dövlət rəhbərliyinin də diqqətindədir. Eyni zamanda, təbliğat, yaddaşda qalması, unudulmaması üçün biz fəaliyyət göstərməliyik.
Dünən biz Dövlət dram teatrında deputat həmkarımız Hüseynbala müəllim ilə Xocalı ilə bağlı tamaşaya baxırdıq. Mən buna ikinci dəfə baxırdım. İnandırıram sizi, bu tamaşanın rayonlarda, yerlərdə, klublarda, şəhərlərdə verilməsi iki saatın içərisində 500 nəfər insanın Xocalı faciəsi haqqında 5–6 roman oxumasına bərabər ola bilər. Çox təsirli tamaşadır. Mən hesab edirəm ki, belə əsərlərin yazılması, tamaşaya qoyulması və insanların istifadəsinə verilməsi olduqca vacibdir. Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına müraciəti ilə tanış olduq. Son illərdə ölkəmizin iqtisadi, sosial nailiyyətləri və ermənilərin Azərbaycanın qüdrətlənməsini görməsi və dərk etməsi bir daha ümid yaradır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qüdrətinə malikdir. Həmin torpaqları işğal edənlər bunu başa düşürlər. Mən hesab edirəm ki, həm ölkə Prezidentinin, həm də parlamentin ayrı-ayrı deputatlarının respublikadan kənarda bir çox ölkələrdə apardıqları işlər, eləcə də Heydər Əliyev Fondunun tədbirləri bir daha ümummilli liderimiz Heydər Əliyevin arzularının həyata keçirilməsi, onun ömrünün davamıdır. Bu yolda, məndən əvvəl deputat həmkarların dedikləri kimi, yalnız yumruq kimi birləşmək və düşmənə qarşı qüvvələri istiqamətləndirmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, reqlament məsələsi qoymadıq, çıxış etmək istəyən çoxdur. Biz qərar və bəyanat layihələri hazırlamışıq. Xahiş edirəm, bir az da bunlar haqqında danışın, sonra da səsə qoyaq. Çalışın, çıxışınızı 5 dəqiqə edin ki, bir çox millət vəkilləri çıxış etmək istəyirlər. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Mən söz verirəm ki, çıxışımı 5 dəqiqə ərzində yekunlaşdıracağam. Milli Məclis növbəti dəfə cəmiyyəti narahat edən aktual məsələlərin birinə münasibətini bildirir. Xocalı şəhərində baş verən hadisə təkcə xocalıların deyil, Azərbaycan Respublikasında və kənarda yaşayan 50 milyona yaxın azərbaycanlıın faciəsidir, tariximizin qara səhifəsidir. Bu məsələyə münasibət ildən-ilə nəinki zəifləyəcək, əksinə, güclənəcəkdir.
Bir neçə gün bundan əvvəl Prezident cənab İlham Əliyevin Xocalı hadisəsinin 15 illiyi münasibəti ilə Azərbaycan xalqına müraciətini dinlədik. Həmin müraciətdə Xocalı faciəsi xalqımızın taleyində kədərli və faciəli bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi hadisə kimi qiymətləndirilir. Bu gün hamımız Bakının mərkəzində Xocalı faciəsinə həsr edilmiş abidə kompleksinin abadlaşdırıldıqdan sonra yenidən açılışının şahidi olduq. Həmin abidənin onların ruhuna, çəkdiyi ağırlığa diqqət olduğunu özümüz üçün yəqin etdik. Xocalı faciəsi gec-tez baş verməli idi, çünki ermənilər 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan qoparmaqda çox böyük çətinlik çəkirdilər. Onlar dəfələrlə Azərbaycan torpaqlarını özününküləşdirmiş, Azərbaycan torpaqları hesabına özlərinin min ildən sonra yeganə dövlətini yarada bilmişdilər. Bu baxımdan xalqı qorxuzmaq, onu çaşqın salmaq üçün mütləq qorxunc bir faciə lazım idi. Belorusiyadakı Xatın, Vyetnamdakı Sonqimi faciəsi kimi bir faciə lazım idi. Ancaq onlar səhv etdilər, bu faciə Azərbaycan xalqını qorxuzmadı, əksinə, onu daha da mətin etdi.
Xocalı faciəsi ildən-ilə diqqəti cəlb edir. Elə bir gənc, elə bir uşaq yoxdur ki, Xocalı faciəsi haqqında bilməsin. Dünən televiziya kanallarının birində belə bir informasiyaya rast gəldim. Əgər 2 il bundan əvvəl Xocalı faciəsi ilə bağlı 32 dünya ölkəsində Azərbaycan diasporu tərəfindən tədbirlər təşkil edilmişdisə, bu il artıq həmin ölkələrin sayı 48-ə çatır. Bunlar sıravi tədbirlər deyil, məzmununa görə çox güclü tədbirlərdir. Bütün bunlar hörmətli Bahar xanımın rəhbərlik etdiyi komissiya tərəfindən bizə təqdim edilmiş bəyanat və qərar layihəsində öz əksini tapıb.
Mən Bahar xanıma və komissiya üzvlərinə təşəkkürümü bildirirəm. Kifayət qədər dolğun, faktlarla, dəlillərlə əsaslandırılmış bir sənəd hazırlayıblar. Mən hesab edirəm ki, həmin hadisəyə, eyni zamanda erməni təbliğat maşınına verilən bir qiymət hesab edilə bilər. Bəyanat layihəsinin üstün cəhətlərindən biri də, hesab edirəm ki, ilk dəfə olaraq Azərbaycan parlamentinin Ermənistan dövlətinin qədim Azərbaycan torpaqları əsasında yaradıldığını ortaya gətirməsidir. İndiyə qədər xalq arasında deyilirdi, elmi əsərlərdə var idi, amma ilk dəfə olaraq parlament səviyyəsində bildirdik ki, Ermənistan Respublikası süni qurumdur, Azərbaycan torpaqları əsasında yaradılıbdır. Bütün dünya bilməlidir ki, Yerevan şəhəri yox, qədim İrəvan şəhəri olub, Sevan gölü yoxdur, Göyçə gölü var, Vardenis rayonu yoxdur, Basarkeçər rayonu var. Bu məsələlərdə parlament öz iradəsini ortaya qoya bildi.
Bəyanat və qərar layihəsində kifayət qədər məntiq var. Bu sənədlərlə tanış olan istər-istəməz tək Xocalı faciəsi ilə bağlı deyil, ermənilərin Azərbaycana qarşı apardıqları məkrli siyasət barəsində tam məlumat alacaqdır. Bununla belə, hörmətli Bahar xanıma bir neçə təklifimi vermək istərdim, əgər məqbul sayarsa, onları qəbul edər. Bahar xanım çıxışında bildirdi ki, dəfələrlə parlamenti guya Xocalı soyqırımına qiymət verməməsində ittiham ediblər. 1992, 1994, 1998-ci illərdə həmin hadisələrə qiymət verilməsi barədə bildirirdi. Çox təəssüf ki, nə bəyanat, nə də qərar layihəsində həmin tarixlər öz əksini tapmayıb. Mən çox istərdim, həmin tarixlər öz əksini tapsın, çünki kimsə təsadüfən ancaq bu qərarı və bəyanatı oxusa, onda belə bir təsəvvür yaranar ki, biz bu məsələni ancaq 2007-ci ildə müzakirə etmişik. Yada salım ki, 2002-ci ildə hadisənin 10 illiyində biz burada xarici ölkə səfirlərinin iştirakı ilə böyük bir tədbir keçirmişdik.
İkinci təklifim. Ermənilərin bu hadisəni özününküləşdirmələri barəsində fakt bəyanat və qərar layihəsində öz əksini tapmayıb. Mən çox istərdim, bu, öz əksini tapsın.
Üçüncü, təklif edirəm, qərar layihəsində Milli Məclis Milli Elmlər Akademiyasına və icra strukturuna Xocalı faciəsinin mahiyyətini açan elmi əsərlərin hazırlanması təklifi ilə çıxış etsin. Onların ərsəyə gətirilməsi, tədqiqatlar sahəsində fəaliyyətini davam etdirsin. Biz deputatlar, xalqın ziyalıları xarici səfərlərdə olarkən bu məsələlərlə bağlı təbliğat aparırıq. Ancaq bu təbliğat, şifahi təbliğat kifayət deyil, eyni zamanda, kitablar, broşürlər, kino lentləri və sair ilə əsaslandırılmalıdır. Bunlar müvafiq strukturlar tərəfindən hazırlanmalıdır ki, biz bunu daha geniş şəkildə edə bilək. Mən bəyanatı və qərar layihəsini kifayət qədər hazırlanmış hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə ağır faciə münasibəti ilə Azərbaycan xalqına, o cümlədən həyatlarını itirən adamların yaxınlarına, doğmalarına baş sağlığı verirəm və hesab edirəm ki, Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar yaradılan komissiya bəyanat və qərar layihələrinin üzərində kifayət qədər əziyyət çəkib. İndiyə qədər mən kütləvi informasiya vasitələrində daha çox demişəm ki, Azərbaycan parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımayıb. Bu qərardan sonra bir daha əminliklə yenə deyəcəyəm ki, Azərbaycan parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımayıb. Niyə deyəcəyəm. Əvvəla, bundan əvvəl hüquqi qiymət verilmiş olsaydı və hüququn normalarına əsasən qəbul edilmiş qərar ortada olsaydı... Bəyanat layihəsi çox layiqlidir və sözün əsl mənasında, faciəni əhatə eləyir. Amma bu sənədin mahiyyəti nədir? Bu sənəddə biz 1918-ci ildən başlamış bu günə qədər bütün faciələrimizi sadalayırıq. Amma 26 fevralda nələr baş verdiyinin və bu baş vermiş hadisə nəticəsində Ermənistanın da qoşulduğu konvensiyaların, paktların, aktların, o cümlədən hüquqi normaların hansı şəkildə pozulduğunun heç biri öz əksini tapmayıb.
Mən təklif edərdim ki, Milli Məclisin qərar layihəsinin ikinci abzasından sonra sadalananlar nəzərə alınaraq bir qeyd edilsin. Beləliklə, 613 nəfər dinc azərbaycanlının qətlə yetirilməsi beynəlxalq hüquq normalarının hansı bəndinə ziddir? Bunlar bir-bir sadalansın. Məndən əvvəl çıxış edən Gülər xanım da qismən buna toxundu. 63 uşağın ölümü beynəlxalq konvensiyaların hansına ziddir və nəyə görə biz bunu soyqırım aktı hesab edirik? 106 qadının işgəncə ilə öldürülməsi hansı müddəalara ziddir? 8 ailənin bütövlükdə məhv edilməsi, şikəst edilməsi, girov götürülən əsirlərlə davranış hansı beynəlxalq sənədlərə ziddir? Burada qeyd olunur ki, 4 “Strela-10” raket qurğusu Qarabağda erməni birləşmələrinə təhvil verilib. Məlumdur ki, Xocalıda “Strela-10” raket qurğusundan istifadə olunub və bu barədə istintaq materiallarında kifayət qədər məlumat var. 2002-ci ildə məsələ müzakirə olunanda da bu hallara toxunmuşduq. “Strela-10” raket qurğusunun tətbiqi, onun tərkibində olan kimyəvi maddələrin, tətbiq olunması ilə bağlı 1973, 1982, 1984, 1985-ci illərdə imzalanan və bu gün də Ermənistanın qoşulduğu konvensiyaların hamısı pozulub. Bunlar hamısı qeyd olunmalı idi. Bunlar hamısı qeyd olunandan sonra Milli Məclisin bunun soyqırımı kimi tanıması və soyqırımı aktı kimi tanıması üçün dünya dövlətlərinin parlamentlərinə müraciət etməsi yazılmalı idi. Amma biz əvəzində burada faciələrimizi sayıb, əslində, faktsız və sair kimləri isə ittiham etmişik.
Hər bir Azərbaycan vətəndaşı, hər bir millət vəkili bilir ki, bunların arxasında canlı insan taleyi dayanır və sözün həqiqi mənasında saya bilmədiyimiz nə qədər cinayət törədilib. Amma nəticədə verdiyimiz bu sənəd nəyi ifadə edir? Azərbaycan tərəfi, sadəcə, öz mövqeyini ifadə eləyir. Vəssalam. Hansı maddələrin və necə pozulduğu qeyd olunmayıb. Bayaq Gülər xanım çıxışında Serbiya ilə bağlı qeyd etdi. Ermənistanın Fransa parlamentinə və başqa ölkələrə etdiyi soyqırımı aktının tanınması haqqında müraciət iki səhifədir. Xatirinizdədirsə, 2002-ci ilin fevral ayında Milli Məclisdə müzakirə olunanda, Ziyafət müəllim, biz buna oxşar sənəd Sizə təqdim etmişdik və həmin sənəddə 34–35 konvensiyanın, paktın, aktın pozulması ilə bağlı konkret müddəalar var idi. Mən komissiyanın işində iştirakla bağlı öz namizədliyimi vermədiyim üçün indi çox təəssüf edirəm. Hər halda mən sizə 2002-ci ildə hazırladığımız sənədi sabah təqdim edəcəyəm. Burada Ermənistan Respublikasının yaradılmasından tutmuş başımıza gələn faciələrlə bağlı hər şeyi sadalayırıq. Bunun beynəlxalq təşkilatların maraq dairəsində olduğunu güman etməyək. Biz onları fakt qarşısında qoymalıyıq.
Yenə qayıdıram 2002-ci ilə. Xocalı hadisələrinin Türkiyə parlamentində müzakirəsi üçün Hərəkat partiyasının o vaxtkı rəhbəri ilə görüşdüm. O, Azərbaycan parlamentinin Xocalı hadisəsinin soyqırımı aktı kimi tanınması üçün digər dünya parlamentlərinə müraciətini istədi. Bu gün həmin məsələyə burada səthi toxunulub. Mən hesab etmirəm ki, burada bir problem var. Heç bir problem yoxdur. Bunun soyqırımı kimi tanınması istiqamətində Azərbaycan hakimiyyəti də, Azərbaycan xalqı da qarşısında bir baryer görmür. Sadəcə, bunu peşəkar hazırlamalıyıq.
Bu bəyanatı qəbul eləyək, amma bir komissiya yaradaq. Həmin komissiya bir ay, ay yarım ərzində soyqırımı aktının tanınması üçün hüquqi sənədlər hazırlayıb Milli Məclisə təqdim etsin. Bir ay ərzində həm Respublika Prokurorluğu ilə, həm də hüquqşünaslarla sanballı bir sənəd ortaya qoysun. Bu sanballı sənədin məzmunu o qədər də geniş olmamalıdır. Faktlara və hüquqa söykənməlidir. Orada bədii yaradıcılıq, başımıza gələn faciələrin sadalanması yox, hüquq normalarının hansının pozulması ortada olmalıdır. Bir ay, ay yarım ərzində bu komissiya işləsin. Milli Məclis onun müzakirəsinə elə çox vaxt sərf etməz, çünki dəqiq, peşəkarlar tərəfindən işlənilsə, müzakirəsinə də ehtiyac qalmayacaq. Bunu qəbul edək və bunun əsasında dünya parlamentləri ilə işləyə bilək.
Amma bu gün bəyanatın və qərarın qəbul olunmasına tərəfdaram. Amma bir xahişim var. Xahiş edirəm, Oqtay müəllim, buna münasibət bildirəsiniz. Mövcud komissiya indi hüquqşünaslarla, prokurorluq işçiləri ilə birgə soyqırımı aktını hüquqi sənəd kimi işləyib ortaya qoysun. Verilən bəyanat və qərar layihələrinə aid bir sıra xırda düzəlişlərim var. Əvvəla, mən də Köçəryanın adının buraya salınmasına tərəfdaram, çünki həmin dövrdə Köçəryan Dağlıq Qarabağ adlı qondarma qurumun rəhbəri olub. İkinci mənim təklifim nədir?
Sədrlik edən. İqbal müəllim, saat 5-dir. Bildiyiniz kimi, biz hər il 26 fevral saat 5-də Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Xahiş edirəm. (Hamı ayağa qalxır).
İ. Ağazadə. Davam eləyə bilərəm, Oqtay müəllim? Mən Köçəryanın və Qukasyanın adlarının həmin sənədlərə salınmasına tərəfdaram. Ola bilsin ki, danışıqlar mərhələsində Azərbaycanı bu gün geriyə çəkilməyə nə isə məcbur edir. Amma biz bu məsələlərdə israrlı olmalıyıq. İsrarlı olmalıyıq ona görə ki, hadisə baş verib və həmin şəxslər qanunsuz surətdə bu proseslərdə iştirak eləyib, əmr verənlərdən olublar. Miloşeviç də vaxtı ilə əlində silah döyüşməyib, Miloşeviç də əmr verənlərdən olub, amma hərbi tribunal onun haqqında, bilirsiniz, hansı qərarı çıxardı.
Mən 2001-ci ilin 23–24 fevralından Milli Məclisdə müzakirədən sonra bir məsələyə dəfələrlə etiraz etmişəm. Bu da “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ” formasıdır. Dağlıq Qarabağ münaqişədirsə, onda “Dağlıq Qarabağ” sözlərindən də sonra bir vergül qoyaq, “Aran Qarabağ” yazaq. Söhbət əgər işğal olunmuş ərazini fakt kimi qeyd etməkdən gedirsə, Dağlıq Qarabağdan sonra Aran Qarabağ da işğal olunub. Onda niyə “Aran Qarabağ” yazılmır? Yox, əgər “Dağlıq Qarabağ” hüquqi bir termin kimi, artıq münaqişənin subyekti kimi qeyd olunubsa, bu çox yanlış, səhv siyasətdir. Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında mübahisə predmetidir. Hələ bu mübahisə predmeti bu gün beynəlxalq aləmdə yanaşdıqları kimi, təbii, bizim yanaşmada yox, ermənilər Dağlıq Qarabağ əhatəsindən çıxıb Laçına da, Kəlbəcərə də və sairlərə də iddia edirlər. Ona görə, hesab edirəm, “Dağlıq Qarabağ” sözləri heç vəchlə münaqişənin adında olmamalıdır. “Ermənistan–Azərbaycan münaqişəsi” adlandırılmalıdır. Bayaq Nəsib bəy “münaqişə” sözünün təfsilatını verdi. Bunu bir qədər başqa şəkildə ifadə etmək lazımdır. “Münaqişə” sözü sanki tərəflərin məsuliyyətini bərabərləşdirir. Sanki Azərbaycanla Ermənistanın bu məsələdə məsuliyyəti bərabərdir və biz beynəlxalq birlikdən, sadəcə, məsuliyyəti bərabər olan tərəflərə ədalətli hakimlik etməyi xahiş edirik. Diqqətinizə görə sox sağ olun.
Sədrlik edən. İqbal müəllim, keçən dəfə biz bu qərarı qəbul edəndə dedik ki, hər bir millət vəkilinin komissiyada iştirak etmək hüququ var. İştirak edə də, təkliflərini verə də bilər. Bir çox millət vəkili bu komissiyada iştirak edib, təkliflər də verib. Biz dinləməni ona görə keçiririk ki, təklifləri eşidək. Aqressiv çıxış edirsiniz, düzgün deyil. Həmin təklifləri komissiyada araşdıracağıq. Bir də sizdən xahiş edirəm, mümkünsə, çıxışlarınızı 5 dəqiqə ərzində başa vurun. Ziyafət müəllim arayış vermək istəyirdi.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən, əlbəttə, İqbal müəllimin fikrinə şərh vermək fikrində deyiləm. Amma bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. İqbal müəllim deyir ki, 2002-ci ilin aprel ayında Türkiyə deputatı məndən bəyanat istədi, müraciət istədi, mən ona verə bilmədim. 2002-ci ilin fevral ayında Xocalı soyqırımıının 10 illiyi ilə əlaqədar bəyanat qəbul eləmişik və Milli Məclisin qərarı ilə təsdiq olunub. Siz də onda deputat idiniz. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Valeh Ələsgərov.
V. Ələsgərov. Mənim ürəyim dolu olsa da, çıxış etmək fikrim yox idi. Sənədlərlə əlaqədar fikirlərimi Bahar xanıma çatdırdım. Ancaq çıxışlarla əlaqədar, hüquqşünasların dili ilə desək, bəzi konseptual məsələlərə toxunmaq istəyirəm. Bəzi çıxışlardan sonra məni ağrıdan məsələlərə toxunmaq istəyirəm.
Birinci, burada belə bir cümlə var: “Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsi”. Bundan artıq bir termin, anlayış olaraq hər yerdə istifadə edilsin, onda bəzi söhbətlər ortadan çıxır. Bununla əlaqədar “erməni millətçiləri”, “təcavüzkar, işğalçı” anlamı bu sənədlərdə qalmalıdır. Yəni Ermənistanın işğalçılıq müharibəsi apardığı təməl kimi götürülməlidir. Bundan irəli gələrək hər yerdə “təcavüzkar, işğalçı” sözləri işlənməlidir.
İkinci, soyqırımıı ilə əlaqədar bizim hüquqşünaslar qədim və ya müasir Azərbaycan dilində sözləri seçərlər. Bəyanat layıhəsində İmarət, Qərvənd, Tuğ və sair kəndlərin adlarını sadalayırıq. Mən qısa olaraq Bahar xanıma dedim, amma hüquqşünaslara müraciət edirəm. Xocalıya hücum heç bir hərbi zərurət olmadan və hədəfi mülki əhali olan hərbi əməliyyat kimi qiymətləndirilməlidir. Bu hadisəni soyqırıma gətirib çatdıranda hərbi zərurət olmadan əməliyyat keçirilməsi və hədəfin isə mülki əhali olmasıdır, insanların sayının çox olması yox. Bunu da təsdiq etmək üçün burada yazılanları diqqətinizə yetirmək istəyirəm. Xatın, Lidiçe, Babiy Yarda həlak olanların sayı 100 minlərlə hesablanır. Bunları birləşdirən, eyni səviyyəyə gətirib çatdıran nədir? Hərbi zərurət olmadan hərbi əməliyyatın hədəfi olan mülki əhaliyə edilən təcavüzdür. Bunları biz konseptual şəkildə birləşdirsək, fikrimcə, həmin sənədlər hüquqi cəhətdən daha düzgün olar. Onda İmarət Qərvənddə, Tuğda baş verənlər də bu anlama qatılmış olar. Xocalı aktı bunların ən dəhşətlisi olduğuna görə daha açıq şəkildə verildi. Onlar da soyqırımı aktlarıdır, ancaq bunların ən dəhşətlisi Xocalı faciəsidir.
Bir məsələyə də toxunmaq istəyirəm. Qisasdan, xahiş edirəm, danışmayaq, düzgün deyil, çünki özümüzü bu səviyyəyə endirməməliyik. Biz beynəlxalq qanunvericilik çərçivəsində öz haqq və hüquqlarımızı bərpa etməliyik, bundan danışa bilərik. Biz vəhşi heyvan səviyyəsinə düşməməliyik, geri qayıtmamalıyıq.
Bir də, niyə beynəlxalq aləmdə bu faciədən danışmırlar, soyuqqanlılıqla yanaşırlar? Bu gün beynəlxalq səviyyədə tanınmış faciələr hansı faciələrdir? Ya qalib gələn ölkələrin vətəndaşlarına qarşı törədilən faciələrdir, hadisələrdir, ya da qalib gələn ölkələrin əməliyyatlarında iştirak edən millətlərin, etnik qrupların, etnik tayfaların başına gəlmiş hadisələrdir. Mən nəyi demək istəyirəm? Özümüzü başıaşağı vəziyyətdən qurtarmalıyıq. Başımızı uca tutmalıyıq, gec-tez torpaqlarımızı da qaytaracağıq. Nə eləməliyik? Cavanlarımızı, özümüzü, böyüyümüzü, kiçiyimizi ürəkli yetişdirməliyik. Özünü hazırla, bir gün gedib Şuşada yeni ilimizi qarşılayacağıq, İmarət Qərvənddə Novruz bayramımızı qeyd edəcəyik. Birinci növbədə bunu etməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Oqtay müəllim. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri ağır hərbi texnikadan və avtomat silahlardan istifadə edərək, Xocalı şəhərinə hücum etdilər və dinc əhalini qətlə yetirdilər. 613 nəfər dinc sakin vəhşicəsinə öldürüldü, onlarla insan yandırıldı, meyitlər təhqiramiz hərəkətlərə məruz qaldı. Həmin gün qadınlardan, uşaqlardan, qocalardan ibarət dinc əhalini qətlə yetirmək hərbi zərurətdən irəli gəlmirdi. Bu, xəstə erməni mənəviyyatının, vəhşi erməni xislətinin həyatda təzahür forması idi ki, dinc əhalinin simasında düşmən obrazı görürdü. Həmin gün dinc əhali ona görə qətlə yetirildi ki, onlar, sadəcə, azərbaycanlı idilər. Sadəcə, türksoylu insanlar idilər. Həmin gün Xocalıda bir soyqırımı cinayəti törədildi və Xocalı yer üzündən silindi. Tarixdə yer üzündən silinən yaşayış məskənləri məlumdur. Amma Xocalı faciəsi bu cinayətin xüsusi amansızlıqla törədilməsinə, insanların milli mənsubiyyətinə görə qətlə yetirilməsinə, qocalara, qadınlara, uşaqlara aman verilməməsinə, insanların vəhşicəsinə öldürülməsinə, hamilə qadınlara belə aman verilməməsinə, meyitlərin təhqiramiz hərəkətlərə məruz qalmasına, insanlara məxsus mal-qaranın belə güllələnməsinə, onların yaşadıqları evlərin darmadağın edilib, viran qoyulmasına, bir sözlə, cinayətin törədilmə üsulunun xüsusi amansızlığına, qəddarlığına, vəhşilik səviyyəsinə qalxmasına, bu əlamətlərə görə Xocalı faciəsi digər faciələrdən fərqlənir.
Xocalı faciəsi zaman etibarı ilə də başqa faciələrdən fərqlənir. Xocalı faciəsi nə keçən əsrin 1930–1940-cı illərində dünyada faşizmin tüğyan elədiyi bir vaxtda törədilib, nə də 1950–1960-cı illərdə, soyuq müharibə dövründə, Xocalı faciəsi XX əsrin sonunda, sivil dünya dediyimiz bir vaxtda törədilib. Xocalı faciəsi, sözsüz, Qarabağ hadisələrinin tərkib hissəsidir. Mən, ümumiyyətlə, Qarabağ hadisələrini bir avtonom cinayət hadisəsi hesab eləmirəm. Bu, ermənilərin uzun illərdən bəri azərbaycanlılara qarşı sistematik şəkildə apardıqları silsilə cinayətlərin növbəti bir həlqəsi idi. Bu, məqsədyönlü bir fəaliyyətin məntiqi nəticəsi idi. Bu barədə tərtib olunan qərar və bəyannamə layihəsi, hesab edirəm ki, dolğun tərtib olunub. Yaxşı haldır ki, XX əsrdə azərbaycanlılara qarşı ermənilərin törətdikləri bütün kütləvi qırğın halları sadalanıb. Bundan başqa ermənilərin “böyük Ermənistan” xülyası ilə yaşamaları, guya XX əsrin əvvəllərində Türkiyə tərəfindən soyqırımıa məruz qalmaları, habelə sovet hakimiyyəti illərində Azərbaycan torpaqlarının alınıb Ermənistana birləşdirilməsi hallarına da qiymət verilib. Bunlar hamısı yaxşı haldır.
Siyasi baxımdan qəbul edəcəyimiz bu sənədlər dolğundur. Amma mən hesab edirəm ki, hüquqi baxımdan orada beynəlxalq hüquq normalarına istinad edilməsi daha yaxşı olardı. Qəbul edəcəyimiz sənədlərdə bu hallar soyqırımı kimi qiymətləndirilir. Amma 1948-ci il, 1968-ci il konvensiyalarında soyqırımının əlamətləri göstərilir. Hesab edirəm ki, konvensiyaların konkret normalarına müraciət olunmalı, istinad edilməli və bu faciənin soyqırımı olması hüquqi baxımdan təsbitlənməlidir.
Bundan başqa, orada mülki əhalinin qətlə yetirilməsi təsvir olunur. Amma müharibə zamanı mülki şəxslərin qorunmasına dair Cenevrə konvensiyası var, ona istinad olunmur. Buna istinad edilməsi daha yaxşı olardı, çünki orada qətlə yetirilən insanların, demək olar ki, hamısı mülki əhalidir və onların qətlə yetirilməsi hərbi zərurətdən irəli gəlməyib. Həmkarlarım çox doğru, düzgün vurğuladılar ki, uşaqlar, qadınlar qətlə yetiriliblər. Düzdür, onlar da mülki əhalidir. Amma bununla bağlı beynəlxalq konvensiyalar var. Ona istinad edilməsi doğru olardı.
Həmkarım Astan müəllim çıxışında dedi ki, Zori Balayana nəyə görə axtarış verilməyib? Məgər Zori Balayana axtarış verilib? Mən bu barədə hüquqi müstəvidə görülən bir neçə iş barədə də danışmaq istəyirəm. Bu gün Respublika Prokurorluğu Xocalı soyqırımıı ilə bağlı cinayəti istintaq eləyir. Mən tam məsuliyyətlə deyirəm ki, bu cinayət işinin istintaqı ilə bağlı heç bir şəxs İnterpol xətti ilə axtarılmır. Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri vəzifəsində işləyən, 366-cı alayın 2-ci batalyonunun keçmiş komandiri Seyran Ohanyan axtarılmır, heç ona axtarış da verilməyib. Ümumiyyətlə, bu gün İnterpol xətti ilə heç kim axtarılmır. Birinci dəfə 2005-ci ildə müraciət olunub. 2006-cı il mayın 3-də həmin sənədlər geri qaytarılıb. İkinci dəfə bu ilin yanvar ayında müraciət olunub. Fevral ayının 6-da İnterpol tərəfindən sənədlər geri qaytarılıb. Fevral ayının 16-da sənədlər təkrarən Bakı bürosuna göndərliib. Amma bunu axtarış kimi qələmə vermək düzgün deyil. Bu gün İnterpol xətti ilə bir nəfər də cinayətkar axtarılmır.
Ümumiyyətlə, bu gün qəbul edəcəyimiz sənədləri mən dolğun sənədlər hesab edirəm və bunların qəbul olunmasına səs verəcəyəm. Çıxışımın sonunda 15 il bundan əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımıza Allahdan rəhmət diləyirəm və tam əminliklə deyirəm ki, bir gün faktik surətdə həmin torpaqlar Azərbaycanın yurisdiksiyası altında olacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən burada hörmətli millət vəkillərinin çıxışlarının hamısı ilə razıyam. Bəyanat və qərar layihəsi də hazırlanıbdır. Amma bir neçə məsələyə dair fikrimi bildirmək istəyirəm.
Birinci növbədə, mən buraya daxil olanda fikirləşdim ki, beynəlxalq təşkilatların nümayəndələri niyə burada iştirak etmirlər? Bu dinləmələrin beynəlxalq əhəmiyyəti varsa, təbii, heç olmasa, ATƏT-in, Avropa Şurasının, digər strukturların nümayəndələrinin burada iştirakı məqsədəuyğun hesab olunardı. Amma mən burada səslənən fikirlərə, çıxışlara qulaq asanda fikirləşdim ki, yaxşı olub həmin təşkilatların nümayəndələrini buraya dəvət eləməmişik. Eləsəydik onlar hansı fikir ilə, təfəkkürlə buradan gedəcəkdilər? Bunu bir Allah bilir. Hər birimiz mətbuat nümayəndələrini burada görüb fikirləşirik ki, nə qədər çox sızıldamaq, hadisənin mahiyyətini bədii dillə daha da zənginləşdirmək və sair, daha çox məqsədəuyğundur. Burada konkret fikirdən, təklifdən söhbət gedir.
Mən çıxışıma keçməmişdən əvvəl qeyd etmək istəyirəm ki, Xocalı faciəsi Azərbaycan parlamentində soyqırımı kimi tanınıb. Azərbaycan parlamentinin 24 fevral 1994-cü il qərarı, Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə soyqırımı haqqında fərmanı olub. Fərmanlar, qərarlar, qərardadlar hamısı normativ hüquqi aktlardır. Prezidentin fərmanı da ən ali normativ hüquqi aktlardan biridir. Bu hüquqi aktla da Xocalı hadisəsi soyqırımı kimi tanınıb və bütün dünyaya yayılıbdır.
Hadisənin mahiyyəti məsələsi və bunun hazırlanması qərar layihəsində öz əksini tapıbdır. Amma mən hesab edirəm ki, soyqırımı ölənlərin sayından, orada istifadə olunan silahların növündən, baş verən hadisənin hansı istiqamətdə olmasından asılı deyil. Bir məsələni yadınıza salıram. Amerikanlıların bir filmi var: “Sıravi Raynı xilas eləyin”. Amerika hökumətinə məlum olur ki, Raynın nəslindən cəmi bir nəfər, Rayn özü qalıbdır. Əgər o, döyüşdə həlak olsa, bu nəsil kəsilməlidir. Ona görə də bütün hissələrə xəbər göndərilir ki, bu sıravini tapın, onu xilas eləyin, geri qaytarın, nəsil kəsilməsin. Soyqırımıı nəslin kəsilməsidir. Burada mahiyyət bu cür açılmalıdır, göstərilməlidir. Yoxsa filan qədər silah verdiyi göstərilir. Onsuz da bir milyard dollarlıq silahı Rusiya Ermənistana verdi və Rusiya parlamentində də bu, müzakirə olunub.
Beynəlxalq təşkilatlara müraciət etmək qaydalarında müvafiq dəyişikliklər aparmalıyıq. Hüquq mühafizə orqanları bu məsələ ilə bağlı kifayət qədər iş aparıblar. Lakin ortada məhkəmə qərarı yoxdur. Düzdür, gərək onlar dindirilsinlər və sair. Amma Azərbaycan məhkəməsi qərar verməlidir. Birinci, ona görə ki, həmin cinayəti törədənlərin, Köçəryandan tutmuş üzü-aşağı hamısı Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycan hüquq mühafizə orqanlarının ixtiyarı çatır ki, Azərbaycan vətəndaşı kimi onların haqqında hər hansı bir qərarı qəbul etsin və beynəlxalq təşkilatlara, İnterpola göndərsin, beynəlxalq məhkəmələrdə bu sahədə çıxışlar etsin.
İkinci tərəfdən, biz təbliğatımızı aparmalıyıq. Mən son vaxtlar hiss eləmişəm. Biz yavaş-yavaş, deyəsən, ermənilərin toruna düşürük və ermənilər hansı addımı atırlarsa, biz bununla məşğul olmağa başlayırıq. Sabah Ermənistan Elmlər Akademiyası yığışıb bir iclas keçirəcəksə, birisi gün Azərbaycan Elmlər Akademiyası bunu edəcək. Biz tək ermənini qarşımızda əsas məqsəd kimi götürməməliyik. Biz tamam başqa-başqa sahələrdə, başqa-başqa dövlətlərlə müqayisədə bu siyasəti, təbliğatı qurmalıyıq. Təbliğatın yeni formasını, mexanizmini tapıb, bunun əsasında aparmalıyıq. İqtisadiyyatda, siyasətdə Ermənistanla müqayisə etməyə başlayırıq. Azərbaycan elə bir səviyyədədir ki, Ermənistanla müqayisə edilə bilməz. Ermənistan çox-çox aşağı səviyyədədir.
Üçüncü, bir detala toxunmaq istəyirəm. Demokratik ölkə adlandırdığımız Fransada erməni soyqırımıı tanınandan sonra belə bir qərar verdilər ki, hansı Fransa vətəndaşı bunu tanımırsa, cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycanda azərbaycanlı olmayan, milləti qarışıq olan jurnalistlər, redaktorlar var. Hansı millətə mənsubluğu bəlli deyil. Onun millətini araşdırmaq lazımdır. Belə bir qərar qəbul olunmalıdır ki, Xocalı soyqırımıından Azərbaycan əleyhinə istifadə edən hər kəs dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qəzetdə sual verir: Xocalını azərbaycanlılar törədiblər? Deyir: yarısını azərbaycanlılar, yarısını ermənilər törədiblər. Ona azərbaycanlı demək olar? Həmin adam bu millətin nümayəndəsidir? Ermənistanda belə bir hərəkət edəni camaat çoxdan daş-qalaq edər, evinə od vurub yandırardı. Bu gün Azərbaycana belə bir böhtan atan, özünə qəhrəman obrazı yaradıb, qəhrəman kimi camaatın içərisində gəzir və Xocalı…
Sədrlik edən. Sağ olun. Aydındır, Siyavuş müəllim. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Artıq 15 ildir ki, Xocalı ilə əlaqədar dəhşətli faciəni, soyqırımı Milli Məclisdə müzakirə eləyirik və əsaslandırılmış fikirlərimizi əhalinin diqqətinə çatdırırıq. Mən hərbi xidmətimi 1970–1973-cü illərdə Xocalı ətrafında keçirmişəm, həqiqi hərbi xidməti orada keçmişəm. Oralar mənə çox tanış və oranın əhalisi mənə çox doğma idi. İndi onların böyük hissəsi dünyasını dəyişibdir. Bilirsiniz ki, Xankəndinə 10 kilometr qalmış Xocalı yerləşir. Xankəndinin cənub-şərqində yerləşir. Əskəran–Xankəndi, Ağdam–Şuşa yolunda yerləşir. Xocalı Dağlıq Qarabağda Şuşadan sonra ikinci böyük əhali yaşayan bir məskəndir. Qeyd edim ki, bura qədim Azərbaycan torpağıdır. Rəşid Göyüşovun tədqiqatları var. O, sübut eləyib ki, hələ eramızdan əvvəl IV–VII əsrlər arasında burada qədim Xocalı şəhəri olub. Qarabağ mədəniyyət abidələri buradan tapılıbdır. İndi də axtarsan, orada həmin abidələrin, mədəniyyət nişanələrinin nümunələri var.
Bilirsiniz ki, ermənilər XIX əsrdə məcburi şəkildə Azərbaycana köçürülüblər. O vaxta qədər oralarda erməni olmayıb. Ona görə də onlar hücum obyekti kimi Xocalını seçiblər. Bu məsələlər burada deyilmədi. Çox qəribə bir hal ondan ibarətdir ki, 1991-ci ilin noyabr ayından Xocalı ilə əlaqə tamamilə kəsilmişdi. Ancaq radiotelefonlar və mülki vertolyotlar vasitəsi ilə əlaqə yaradılırdı. 1992-ci il yanvar ayının 28-də M-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində 40 nəfər azərbaycanlı, Xocalı sakini həlak olandan sonra vertolyot əlaqəsi də tamamilə kəsildi. Sonradan isə bu hadisələr baş veribdir. Erməni erməniliyində, onun murdarlığı da öz yerində, lakin o dövrdəki Mütəllibov hakimiyyətinin səriştəsizliyi və hökuməti idarə edə bilməməsi də bu faciənin baş verməsinin səbəblərindən biridir. Bunlara da hökmən toxunmalıyıq, bu və ya digər şəkildə həmin məsələni deməliyik.
Beynəlxalq səviyyədə, beynəlxalq mühitdə ikili bir münasibət var. Mən diqqətinizə çatdırım ki, 1949-cu il tarixli müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyası var. Bu, hər yerdə tətbiq olunur. Lakin bizimkilərə aid olanda bunlara fikir verilmir. Bu ikili münasibətin qəribə bir xüsusiyyəti var. Qarabağ problemi ilə əlaqədar 4 sənəd qəbul edilib, amma yerinə yetirilmir. Yenə də bu soyqırımı ilə əlaqədar islam dövlətləri də bəyanatlar veriblər. Bunlara qətiyyən fikir verilmir. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi var. Həmin qətnamə eyni ilə belə hadisələrə aiddir, soyqırımı aktının tanınması üçün mühüm bir sənəddir. Çox qəribədir ki, onlara da fikir verilmir.
Son dövrlərdə SSRİ ərazisində və 50-yə yaxın müxtəlif ölkələrdə, xüsusi ilə Heydər Əliyev Fondunun və Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan lobbisi, diasporlar tərəfindən Xocalı hadisəsi geniş şəkildə müzakirə olunur. Bu çox böyük qələbədir. Xocalı hadisələri ilə bağlı müxtəlif dillərdə kitablar paylanır, yayılır. Buna xüsusi ilə çox böyük diqqət və mühüm əhəmiyyət vermək lazımdır. Mən çox qəribə bir faktı qiymətləndirim. Bunun nəticəsidir ki, 1915-ci il Türkiyədə uydurma erməni soyqırımıı hadisəsini təbliğat vasitəsi ilə ermənilər 20-yə qədər ölkədə qəbul etdiriblər. Biz də müxtəlif ölkələrdə, dövlətlərdə təbliğatımızı güclü və qüvvətli qurmalıyıq ki, Xocalı faciəsi soyqırımıı aktıdır. Biz bunu çox qüvvətli şəkildə təbliğ eləyib əhalinin diqqətinə çatdırmalıyıq. Burada biz bəyanat qəbul eləyirik. Bəyanat layihəsi hüquqi cəhətdən də işlənməlidir. Bu, təsviri baxımdan çox gözəldir. Oxudular, qulaq asdım, özü də diqqətlə qulaq asdım. Lakin bəyanat olduğuna görə buna hüquqi qiymət verilməlidir. Hüquqşünaslar bunun üzərində işləməlidirlər. Elə güclü akt olmalıdır ki, harada oxunursa, hüquqi dövlət...
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Xocalı soyqırımı ilə bağlı burada deyilən fikirlərin əksəriyyəti ilə razıyam. Eyni zamanda, tezis formasında bəzi məqamları da bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu sənədlərin kifayət qədər sanballı formada ortaya çıxarılmasında işçi qrupunun böyük rolu olub, ona görə onlara təşəkkür etmək lazımdır.
İkinci, mətbuatı, informasiya vasitələrini, İnterneti izləyən adam bilir ki, əvvəlki illərlə müqayisədə Xocalı soyqırımı aktı istər Azərbaycanda, istərsə də kənarda daha geniş formada qeyd olunur. Milli Məclis bu gün öz tarixinə ciddi bir səhifə yazırsa, həmin səhifədə belə bir cümlə də olsun: “Xocalı soyqırımının 15 illiyinin həm Azərbaycan daxilində, həm də Azərbaycandan kənarda geniş surətdə ictimaiyyətə çatdırılmasında rol oynayanlara təşəkkür edirik”.
Üçüncü ciddi məsələ ondan ibarətdir ki, burada sayla bağlı bir sıra mübahisəli məqamlar əmələ gəldi. Soyqırımı aktının tərifindən çıxış etmək istəsək, bizim məhz qondarma erməni soyqırımına qarşı daha sanballı bir aktı ortaya qoymaq imkanımız var. Bu sənəddə davamlı formada öz əksini tapıb ki, Xocalı soyqırımı həm XX əsrin əvvəllərində, həm ortalarında, həm də axırında Azərbaycan xalqına qarşı törədilən soyqırımının təkrarıdır. Eyni zamanda, deportasiyanın da təkrarıdır. Soyqırımından söhbət gedirsə, biz nəzərə almalıyıq ki, soyqırımı dedikdə təkcə bir millətin nümayəndələrinin həmin millətin nümayəndəsi olduqlarına görə fiziki cəhətdən məhv edilməsi yox, onların tarixi torpaqlarından qovulmaları, tarixi-mədəni irsinin məhv edilməsi də buraya daxildir. Bir milyondan artıq insanlarımız burada əziyyət çəkiblər.
XX əsrin sonunda baş verən hadisələrdə biz say etibarı ilə ermənilərin qaldırdıqları saydan yüksək sayı ortaya qoya bilirik. Qalır bunu beynəlxalq səviyyəyə uyğun dildə, lazımi şəkildə formulə etmək və ortaya çıxarmaq. Mühüm əhəmiyyət kəsb edən ciddi məsələlərdən biri ondan ibarətdir ki, sənəddə bilavasitə əvvəlcədən görülən işlər inkar olunmur. Hesab edirəm ki, məhz bu sənəddə dinamiklik bütövlükdə götürülməlidir. İndiyə qədər görülən işlərin bir maddədə toplanılması, rəqəmlərin dinamizmi sənədlərdə öz əksini tapmalıdır. Cinayətkarların adları məhkəmənin qərarından sonra dəqiqləşdirilməlidir. Bir neçə məlum adları yazandan sonra qalanlarını 30 rəqəmini göstərməklə məhdudlaşmamalıyıq. Faciədə həlak olanların sayını 613 rəqəmi ilə məhdudlaşdırmadan bu rəqəmin dinamizmini götürməliyik, məhkəmədə rəqəmlər dəqiqləşdirildikcə bunları da əlavə etməliyik.
Növbəti ciddi vacib hesab etdiyim məsələ bilavasitə bu sənəddə qoyulan məqamların bir balaca iriləşməsi ilə bağlıdır. Burada qoyulan 4 maddənin dördünü də qəbul edirəm. Amma komissiyanın yaradılmasını vacib hesab edirəm. Həmin komissiya təkcə komissiya kimi formalaşdırılmasın, eyni zamanda, işçi qrupları da buraya daxil edilsinlər. Elmira xanımın dediyi bir məqam var. Başqa millətin nümayəndələri tomlarla sənədlər toplayıblar. 1918-ci ilin sənədlərinin qiyməti məhz onunla ikiqat artır ki, həmin ilin sənədlərindəki azərbaycanlılara qarşı soyqırımı haqqında sənədlərdə başqa millətlərin də imzaları var. Hesab edirəm ki, bu işdə bilavasitə iştirak edən başqa millətlərin nümayəndələrini Azərbaycana cəlb etmək, həm adı çəkilən tədqiqatçıları, həm də xaricdə fəaliyyət göstərən soyqırımı ilə məşğul olan qeyri-hökumət təşkilatlarının bir hissəsini cəlb etmək çox vacibdir.
Növbəti məsələ. Əgər biz, doğrudan da, bunu soyqırımını təsdiq edən sanballı sənəd şəklində qəbul etmək və torpaqlarımızın azad edilməsi istiqamətində açar elementlərindən birinə çevrilməsini istəyiriksə, bunu digər dillərə, hüquq dilinə tərcümə etməliyik. Bir sıra dünya dillərinə də tərcümə eləyib geniş formada yaymalıyıq. Sonuncu ifadə elədiyim məqam da bundan ibarətdir.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Bizə iki sənəd təqdim olunub və bu sənədlərdən biri – bəyanat dünya parlamentlərinə və beynəlxalq təşkilatlara göndəriləcəkdir. Ona görə də biz beynəlxalq təşkilatlara göndəriləcək sənəd üzərində daha çox işləməliyik. Elə mükəmməl sənəd hazırlayıb ortalığa qoymalıyıq ki, bu sənəd vasitəsi ilə ermənilərin Xocalıda törətdikləri soyqırımı aktının beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail ola bilək. Nə qədər işlər görülüb, bundan sonra nə görəcəyimizi məhz bu sənədlərdə əks etdirməyə nail olmalıyıq. Bəyanat kifayət qədər sanballı hazırlanıb. Bu bəyanatda, hesab edirəm, heç də bütün konvensiyaları sadalamağa ehtiyac yoxdur, çünki burada 1948-ci il 9 dekabr tarixli soyqırımı ilə bağlı sənəd öz əksini tapır və göstərilir ki, baş vermiş hadisyə məhz həmin sənəd şamil edilir. Bu, soyqırımıdır, Azərbaycan parlamenti bunu soyqırımı aktı kimi tanıyıb. Bizə dost ölkələr də, ola bilər ki, bunu tanıyacaqlar. Amma məqsəd budur ki, biz bu soyqırımını törədənləri cəzalandıraq. Parlament hüquq orqanı deyildir, onları cəzalandırmaq üçün əvvəl siyasi sənədi qəbul eləməli, sonra isə beynəlxalq miqyasda həmin cinayətləri törədənlərin beynəlxalq məhkəmə qarşısında, tribunal qarşısında cavab verməsinə nail olmalıyıq.
İkinci dünya müharibəsindən sonra 1949-cu ildə Cenevrə Konvensiyası qəbul edilib. Həmin konvensiya soyqırımının tərifini təyin edib. Mən buna qayıtmaq istəmirəm. Hamımız bilirik ki, sosialist sistemi dağılandan sonra bir sıra münaqişə ocaqları yaranıb, o cümlədən Balkanlarda və keçmiş Yuqoslaviyada olub. BMT-də tribunallar, Livana aid beynəlxalq məhkəmə var. Bu cür məhkəmələr yaradılıb. Biz buna nail olmalıyıq. Bəzi deputat həmkarlarım bunu qarışdırırlar. Parlament bu sənədləri toplayıb göndərməməlidir. Bu, hüquq mühafizə orqanlarının işidir. Eyni zamanda, Xarici İşlər Nazirliyimiz vasitəsi ilə sənədləri yaymalıyıq. Birləşmiş Millətlər Təşkilatı səviyyəsində Xocalıda törədilmiş soyqırımına dair tribunalın yaradılmasına nail olmalıyıq. Belə bir tribunal yaradılmasına nail olsaq, o zaman Köçəryandan başlamış digər ermənilərə qədər həmin tribunal qarşısında cavabdeh ola bilərlər.
Bizim hazırladığımız sənəddə çoxlu sayda hərbçilərin adı çəkilir. Mən hesab edirəm, yalnız hərbçilərlə kifayətlənmək lazım deyildir. Həmin sənədə, soyqırımına sövq edənlərin də adları daxil edilməlidir, çünki soyqırımı yalnız hərbi xarakterli hadisələrdə baş vermir. Düzdür, dinc əhaliyə qarşı törədilir. Amma bunun məqsədyönlü şəkildə edildiyini biz göstərməliyik. Xüsusi olaraq bununla bağlı ideoloji təbliğat, hazırlıq işləri aparılıb. Hazırlıq işləri ilə ayrılıqda götürülmüş bir millətin soyunun qırılmasına yönələn addımlar atılıb. Yəni soyqırımı irqi, dini, milli ayrı-seçkiliyə görə ola bilər və sair. Yəni burada yalnız hərbçiləri göstərsək, bu, mülki əhalinin hərbi əməliyyatlar zamanı həlak olması kimi yozula bilər. Amma bu, mülki əhalinin hərbi əməliyyatlar zamanı məhvi deyildir. Bu, məqsədyönlü şəkildə dinc əhalinin məhv edilməsidir. Ona görə bu nüansı nəzərə almaq lazımdır. Doğrudur, bu məsələ qərarda əksini tapıb, amma mənə elə gəlir, bəyanata da daxil edilməlidir.
Bəyanat layihəsində belə deyilir ki, qarşı tərəflərin qüvvələri heç də bərabər deyildi. Mənə elə gəlir ki, bu cümləni mütləq çıxarmaq lazımdır, çünki burada qarşı duran tərəflər yox idi. Burada mülki əhali, dinc əhali, digər tərəfdən silahlanmış quldur dəstələri və məqsədyönlü şəkildə dinc əhalini qırmağa yönəlmiş siyasəti həyata keçirən hərbi birləşmə var idi. Bu cümləni buradan çıxarmaq lazımdır.
Sonra, burada beynəlxalq təşkilatlara müraciət vardır. Mən istərdim ki, müraciət olunan təşkilatlar şurasında İslam Konfransı Təşkilatı da xüsusi sətirdə yazılsın. İslam Konfransı Təşkilatı digər təşkilatlar içərisində yox, məxsusi olaraq qeyd edilməlidir. Hesab edirəm ki, gələcəkdə bizim qərarımıza istinad edərək qanunvericiliyimizdə soyqırımının inkarına yol verməmək üçün bunun hüquqi müstəvidə həlli yolunu tapmalıyıq. Əks təqdirdə ölkəmizin içərisində bu soyqırımından sui-istifadə edib müxtəlif dezinformasiyalar yayanlar və əhalidə ruh düşkünlüyü yaratmaq istəyənlər ola bilər. Ona görə də gələcəkdə bunu hüquqi müstəvidə həll eləmək yolları da araşdırılmalıdır.
Hesab edirəm ki, bəyanata bəzi əlavələr etmək olar. Qərar layihəsində işğal edilmiş kəndləri sadalamışıq, amma bəyanat layihəsində bunlar yoxdur. Biz bu cür bəyanatları əvvəllər göndərmişik, amma elə təsəvvür yaranmasın ki, həmin bəyanat alanlar bunun hamısını bilirlər. Ona görə belə bir abzası oraya daxil etmək yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli Sədr, mən çıxışdan imtina eləyirəm və vaxtımı deputat həmkarım Gültəkin Hacıyevaya verirəm.
Sədrlik edən. Buyurun, Gültəkin xanım Hacıyeva.
G. Hacıyeva. Çox sağ olun, hörmətli Sədr. Mən bilirəm ki, vaxt məhduddur, buna baxmayaraq, çıxışımı parlament rəhbərliyinə və ilk növbədə Oqtay müəllimə təşəkkürlə başlamaq istəyirəm. Azərbaycanın parlament tarixində ilk dəfə idi ki, belə dinləmələrin təşkili təşəbbüsü parlament rəhbərliyindən gəldi. Yüksək səviyyədə hazırlandıqdan sonra bu gün diqqətimizə iki mühüm sənəd təqdim edilib. Bu, doğrudan da, artıq çox mühüm işin başlanğıcı deməkdir. Mən düşünürəm ki, əgər iş bu səviyyədə başlayıbsa, onun nəticəsi də tez bir zamanda göz önündə olacaq. Onun bəhrəsi də olacaq.
Mənim qərar layihəsi ilə bağlı, sözsüz ki, müəyyən, o cümlədən tənqidi qeydlərim var, ancaq öncə qeyd eləmək istəyirəm ki, qərar layihəsində ən çox xoşuma gələn, məni çox məmnun edən məqam bu qərar layihəsinin son hissəsi, burada qeyd edilən məqamlardır. Birincisi, Milli Məclisin yanında informasiya tədqiqat mərkəzinin yaradılması, mənə elə gəlir, bəlkə də bizim bu dinləmələrimizin ən mühüm və praktik baxımdan ən əhəmiyyətli nəticəsi olacaq və bundan sonra bu iş sistemli, mərkəzləşdirilmiş xarakter kəsb edəcək. Məhz bundan sonra bizim həmin faciənin araşdırılması ilə bağlı hər hansı bir xarici ölkəyə səfər etməmişdən əvvəl materiallar, məsləhət üçün müraciət edəcəyimiz bir mərkəz mövcud olacaqdır.
Mən çox sevinirəm ki, burada, eyni zamanda, çox vacib, mühüm olan bir məqam nəzərə alınmışdır. Qərar layihəsinin qərar hissəsinin 3-cü bəndində qeyd edilir, hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, bu istiqamətdə öz fəaliyyətlərini gücləndirsinlər. Bu çox mühüm bir məqamdır, çünki bu il biz Xocalıda baş vermiş soyqırımı hadisəsinə siyasi qiymət veririk. Bəli, bu siyasi qiymət çoxdan verilib. Azərbaycan Respublikası parlamenti tərəfindən bu qiymət bundan öncə də verilib. Bu siyasi qiyməti, bir daha həmin mövqedə qaldığımızı bəyan edirik. Ancaq bu, yalnız siyasi qiymətdir. Cinayət hadisəsinə, xüsusi ilə bəşəriyyətə qarşı törədilmiş soyqırımı kimi ən ağır cinayətə ilk növbədə hüquq mühafizə orqanları, məhkəmə tərəfindən qiymət verilməlidir. Yalnız bundan sonra bizim qəbul etdiyimiz hər hansı bir siyasi qərarın gücü, sanbalı artacaqdır. Bu baxımdan çox istərdim ki, hüquq mühafizə orqanlarının həmin sahədə işi sürətlənsin və yaxın zamanda biz siyasi qərarımızın hüquqi cəhətdən əsaslandırılması ilə bağlı heç bir problemlərlə üzləşməyək.
Nəhayət, burada çox mühüm bir məqam müxtəlif dövlət orqanlarının səylərinin birləşməsindən ibarətdir. Bu, vacib bir işdir. Bu baş vermədən, sözsüz ki, uğur qazanmaq mümkün deyil. Mən qısaca olaraq layihələrlə bağlı qeydlərimi demək istəyirəm. Bilirsiniz, idarəetmə elmində belə bir mühüm yanaşma var. Biz nəticəni aydın təsəvvür etməsək, heç vaxt həmin nəticəyə çata bilmərik. Biz ilk növbədə fəaliyyət dairəmizi, hərəkət dairəmizi, məqsədimizi müəyyənləşdirməliyik. Bu sənədlər kimə ünvanlanıb? Əgər məqsədimiz beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımının tanınmasıdırsa, onda qəbul etdiyimiz qərar ilk növbədə buna istiqamətləndirilməlidir. Sözsüz ki, mən qərar layihəsi üzərində işləyən insanlara təşəkkürümü bildirirəm. Çox böyük, gərgin zəhmət bahasına bu qərar layihəsi ortadadır. Ancaq bəzi qeydlərimi, istərdim, nəzərə alsınlar. Məsələn, indi oxuyacağım cümləni ingiliscə, yaxud fransızca təsəvvür etsinlər və bu cümlənin fransız, yaxud ingilis parlamentarilərinə təsir gücünü düşünsünlər. “Faciənin yaraları hələ qaysaq bağlamamış vəhşilik əməlini unutmağa cəhdlər göstərilir.” Bu cümlə ingiliscə necə səslənəcək və çox praqmatik, soyuqqanlı yanaşma ilə fərqlənən Avropa şüuruna necə təsir edəcəkdir? Yaxud başqa bir cümlə: “erməni millətçilərinin azğın təbliğat kampaniyası”. Mənə elə gəlir ki, Sumqayıt hadisələrinə çox həssas yanaşmanın olduğunu nəzərə alaraq xüsusi zərurət olmadan Sumqayıt hadisələrinin mətnə daxil edilməsi vacib deyil. Sumqayıt şəhərində məlum fitnəkarlıq törədildi. Axı, Fransa parlamentariləri Sumqayıtda törədilmiş hadisəyə məlum fitnəkarlıq…
Sədrlik edən. Vaxtınız qurtardı, təkliflərinizi, xahiş edirəm, yazılı surətdə verəsiniz. Siz deyənlər qərar layihəsinə aiddir. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən də əvvəlcə Xocalı şəhidlərinə Allah rəhmət eləsin deyirəm. Konkret olaraq deyim ki, qərar layihəsi bir çox təqdirəlayiq cəhətlərə malikdir. Mənə elə gəlir ki, son dövrdə Azərbaycan Milli Məclisində daxili siyasi konyunkturadan bu qədər uzaqlaşdlırılmış bir sənəd olmayıb. Bunu dinləmələrə də aid etmək lazımdır. Həqiqətən, ümummilli məsələlərin müzakirəsində və həllində, şübhəsiz, olduqca təqdirəlayiq bir haldır.
İkincisi, mən hesab edirəm ki, Azərbaycan vətəndaşları, hətta jurnalistlər arasında bu hadisə barəcində əksəriyyət tərəfindən qəbul olunmayan həqiqətlərə zidd gələn və şəxsən mənim tərəfimdən qəbul edilməyən fikirləri bir ortaya gətirmək və diqqəti buna cəlb eləmək düşmənlərimizə kömək olardı, nəinki bu məsələnin həllində bizə şərait yaradardı.
Bu gün “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”a qarşı da münasibətimi bildirməyi lazım bildim. Hörmətli millət vəkilləri, Dağlıq Qarabağ hadisələrində və ümumiyyətlə, azərbaycanlılara qarşı hüsn-rəğbəti ilə heç vaxt tanınmamış “Memorial” təşkilatının hələ 1992-ci ildə, hadisələrdən dərhal sonra mart–aprel aylarından işləyib hazırladığı sənədi xatırlatmaq istəyirəm. Bununla əlaqədar demək istəyirəm ki, bu məsələlərin təhqiqatında heç nədən çəkinmədən, hətta bizə dost olmayan ölkələrdən və dairələrdən də mütəxəssisləri, hüquqşünasları, tarixçiləri cəlb etmək vacibdir. Hətta erməniləri belə məsələnin təhqiqatı üçün elmi şəkildə araşdırılması və həqiqətin ortaya qoyulması üçün dəvət eləməkdən çəkinməliyik. Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazmış müəllif Nazaryandır. Onun “Xocalı işi” adlı xüsusi qovluğu İnternetdə vardır. Hətta orada da yazılır: “Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir”. Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir. Yenidən “Memorial”ın sənədinə qayıtmaq istəyirəm. Həmin dövrdə, yəni 1992-ci ildə Xocalı qırğınına bir sıra beynəlxalq konvensiyalar, o cümlədən Cenevrə konvensiyası, insan hüquqlarının 6 maddəsinin pozulması, “Silahlı münaqişələr zamanı qadın və uşaqlara münasibət haqqında” 1974-cü ildə təsdiq edilmiş deklarasiya baxımından qiymət verilmişdi. Ona görə bir daha təkrar edirəm, biz heç nədən çəkinmədən bu məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmalı və bitərəf, düşmənlərimiz üçün qərəzkar görsənməyən mənbələrdən istifadə eləyib yararlanmalıyıq.
Sonda texniki xarakterli bir neçə məsələyə də diqqəti cəlb etmək istəyirəm. Burada “millətçi” və “milliyyətçi” sözlərinə bir sıra yanaşmanı hər halda bir tərəfə qoymaq lazımdır. Hörmətli Valeh müəllim də və digər deputatlar da bu məsələyə toxundular. Bunun adı var: “erməni hərbi birləşmələri”. Oradakı “milliyyətçilər” və başqa bu kimi sözləri “erməni hərbi birləşmələri” termini ilə əvəz etmək lazımdır. Bu, həqiqətə də uyğundur. Elmi və hüquqi cəhətdən belə bir terminin işlədilməsi daha məntiqli və məqsədəuyğun olmalıdır.
Mən sonda diqqəti bir daha buna cəlb eləmək istəyirəm ki, əvvəl-axır biz Azərbaycan xalqının, o cümlədən Xocalı soyqırımı haqqında qanunu qəbul etməli olacağıq. Burada hörmətli Elmira xanım şəhid ailələri problemi ilə bağlı bəzi məsələlərə toxundu. Erməni millətindən olan şəxslər onların Azərbaycana hətta gəlib-getməsi məsələsinə toxundu. Burada bu hadisəyə genosid kimi baxılmasının qadağan olunması məsələsinə toxundu. Şübhəsiz, bunlar qanunun qəbul olunmasını tələb edir. Mən hesab edirəm ki, ən yaxın bir dövrdə, elə bu il belə bir qanun üzərində hörmətli hüquqşünaslarımız işləyib bunu təqdim etsələr, çox məqsədəuyğun olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Etiraz eləməzsinizsə, İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanıma söz verək. Rəbiyyət Aslanova buyursun.
R.Aslanova. Mən çalışacağam, çox qısa danışım ki, digərlərinə də söz çatsın. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxışıma hörmətli Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə başlamaq istəyirəm: ”Məqsədimiz tarixi ədalətin bərpa olunmasına nail olmaq, cinayətkarı ifşa etməkdir və sözsüz ki, bu sahədə tədbirlər daha əhatəli, planlı şəkildə həyata keçirilməlidir”. Bugünkü müzakirələr məhz həmin istiqamətdə atılan vacib bir addımdır. Həmkarlarım bu gün qərar və bəyanatın məzmunu haqqında çox gözəl fikirlər dedilər.
Mən bir neçə qeydimi demək istərdim. Təkliflərlə çıxış edəcəyəm. Söhbət nədən gedir? Söhbət bəyanat layihəsindən gedir. Qərar layihəsi haqqında danışmaq istəmirəm, kifayət qədər mükəmməl sənəddir, amma bəyanat layihəsi haqqında fikirlərimi bildirmək istəyirəm. Söhbət ondan gedir ki, bəyanat layihəsinin birinci hissəsində sayılan ayrı-ayrı faktlar müharibə cinayətləri kateqoriyasına aiddir. Biz bu sənədləri tərcümə edib xaricə göndərəcəyik. Soyqırımı, sülh və insanlıq əleyhinə cinayətlərə aid məqamlar burada öz əksini tapmayıb. Onlar oxuduqca deyəcəklər ki, bunlar müharibə cinayətləridir və soyqırımının tərifinə uyğun gəlmir. Məsələn, maddə 100, maddə 101, Cinayət Məcəlləsinin 100, 101, 102, 103-cü maddələri, xahiş edirəm, qeyd edəsiniz, bu maddələr soyqırımına təhrik haqqındadır. Bu çox vacib məqamdır.
Hamımızın yadımızdadır. Aqanbekyanın 1987-ci ildəki çağırışı və çağırışdan əvvəl digər məqamlar da olmuşdu. Mübariz Qurbanlı Balayanın adını çəkdi. Bu, kifayət qədər vacib məsələdir, bundan başlamaq lazımdır. Yəni soyqırımının tərifinə uyğun gələn məqamları burada qeyd etmək lazımdır. Biz burada yazırıq ki, 1991-ci ilin noyabr ayında şəhər blokadaya alınmışdı. Bunlar soyqırımıa aid olmur. Bunlar müharibə cinayətləri maddəsinə daxil olan məqamlardır. Yaxud 1992-ci ilin yanvarında “Azərbaycan Hava Yolları” Dövlət Konserninə məxsus “Mİ–18” markalı mülki vertolyot vurulmuşdur və sair. Bunların hamısı vacibdir. Amma soyqırımını tam təqdim etmək istəyiriksə, həmin məqamlar beynəlxalq hüquqi normalara uyğun öz əksini tapmalıdır.
Digər tərəfdən, Mübariz müəllim düz qeyd etdi. Qarşı-qarşıya duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Əgər qarşı tərəfdə də bu qədər silahlı qüvvə olsaydı, bu, artıq müharibə olardı. Belə məqamların aradan qaldırılmasına böyük ehtiyac var. Mən hesab edirəm ki, Cinayət Məcəlləsinin müddəaları əsasında faktların oraya köçürülməsi üçün əlimizdə kifayət qədər fakt var.
Digər bir məsələ. Bu gün Ermənistanda yaşayan, vaxtı ilə Azərbaycan vətəndaşı olmuş cinayətkarların mühakimə olunmasını tələb edirik. İstintaq işi davam edir, amma bitməyib. Bizim əsas problemimiz nə idi? Əsas problemimiz o idi ki, bu vaxta qədər belə bir qanun, yəni Konstitusiya qanunu yox idi. Beynəlxalq cinayətlərə görə məsuliyyəti müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında qanun yox idi. İndiyə qədər məhz bunun olmaması bizə imkan vermirdi ki, həmin istintaq davam etdirilsin. Adı çəkilən Köçəryanı cinayət məsuliyyətinə cəlb edək, yaxud da onun haqqında cinayət işi qaldırılsın. Həmin qanun 5 dekabr 2006-cı ildə möhtərəm Prezidentimiz tərəfindən imzalanıb. Bu bizə artıq imkan verir ki, istintaq orqanlarından tələb edək, işi artıq bitirsinlər. Bu da qərar layihəsində öz əksini tapıb. İşi bitirdikdən sonra biz məhkəmə qərarlarını beynəlxalq məhkəmə strukturlarına təqdim edə bilərik.
Bir cəhət də var. Biz ayrı-ayrı tədqiqat mərkəzlərinin yaradılmasından danışırıq. Ancaq çox gözəl olardı ki, beynəlxalq hüquqşünaslardan ibarət bir qrup yaradaq və həmin qrup bu məsələni beynəlxalq hüquq baxımından izah etsin. Biz istintaq haqqında danışırıq. İstintaq niyə qurtarmır, niyə uzanır? Axı, müəyyən sənədlər hazırlanmalıdır. Dünən hörmətli Lətif müəllimin çıxışı televiziya ilə göstərildi. Bununla əlaqədar ona sual verildi. Lətif müəllim beynəlxalq hüquq üzrə gözəl mütəxəssisdir. Onun çıxışında bu məsələyə toxunuldu. Bəli, bu bəlkə bizdə optimist əhval-ruhiyyəsi yaratmır. Amma bu, reallıqdır, elə məsələlər var ki, biz bunları həll etməsək, beynəlxalq məhkəməyə müraciət edə bilməyəcəyik. Onları həbs etmək, onlara qarşı cinayət işi qaldırmaq üçün əlimizdə beynəlxalq hüquqi normalara aid sənədlər olmalıdır. Bəli, pafosa bu gün Avropa qulaq asmır, belə məsələlərə Avropa başqa tələblə yanaşır. Biz ATƏT-də olarkən, hörmətli Bahar xanım orada idi, ermənilər...
Sədrlik edən. Rəbiyyət xanım, vaxtımız azdır. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim əslinə baxanda xüsusi bir təkliflə çıxış etmək niyyətim yoxdur, çünki komissiyanın üzvü kimi düşündüyüm təklifləri komissiyanın iclasında səsləndirmişəm. Buna görə də yalnız bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Bu da qərar hissəsinin 4-cü bəndi ilə bağlıdır. Düzdür, bu bənd dünən şifahi şəkildə səsləndi, biz tam şəkildə buna baxa bilmədik. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ problemi ilə məşğul olan dövlət və qeyri-dövlət qurumları...” Mənə elə gəlir ki, biz bu məsələdə bir az geniş areal yaratmalıyıq. Təkcə Dağlıq Qarabağ problemi ilə məşğul olan yox, “müvafiq dövlət qurumları, o cümlədən qeyri-hökumət təşkilatları və diaspor qurumları” yazılmalıdır. Birinci, “qeyri-dövlət təşkilatı” Azərbaycanda hüquqi termin kimi işlədilmir. Əgər qeyri-hökumət təşkilatı nəzərdə tutulursa, məhz “qeyri-hökumət təşkilatı” kimi təsbit olunmalıdır. Ona görə də mənim təklifim bundan ibarətdir ki, bu problemlə bilavasitə məşğul olan yox, bütövlükdə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları, diaspor qurumları buraya əlavə olunsun.
Bütövlükdə burada çox haqlı təkliflər səsləndi. Həmkarlarımız çox dəyərli fikirlər səsləndirdilər. Mənə elə gəlir ki, bizim bir millət, toplum, dövlət olaraq qarşımızda duran iki məqsəd var. Birinci məqsəd Xocalı soyqırımını dünyada tanıtmaq, ikinci məqsəd isə bu soyqırımını törədənləri cəzalandırmaq. Burada cəzalandırmaq ilə bağlı fikirlər səsləndi. Hüquqşünaslar bununla bağlı, yəqin, araşdırmaları davam etdirərlər. Qərar layihəsinin 2-ci bəndində Milli Məclisin yanında informasiya və tədqiqat mərkəzi yaradılması tövsiyə olunur. Amma bununla yanaşı, yaxşı olardı ki, bizdə ayrıca bir soyqırımını tanıdan, yaxud da Xocalı soyqırımını tanıtım mərkəzi yaradılsın. Bu, dövlət qurumu kimi yox, məhz ictimai əsaslarla fəaliyyət göstərməlidir.
Mən fürsətdən istifadə edib, Oqtay müəllim, Sizdən xahiş etmək istəyirəm ki, bu təşəbbüsün davamı kimi belə bir qurumun yaradılması və bu qurumun müvafiq şəkildə təchiz olunması ilə bağlı təşəbbüsdə olasınız. Bu məsələni yaxın zamanlarda həll edək və buna müəyyən aydınlıq gətirilsin.
Bütövlükdə hesab edirəm ki, bugünkü dinləmələr çox vacib, əhəmiyyətli idi. Bununla bağlı, həqiqətən də, ictimai, sosial sifariş var idi. Belə bir məsələni qaldırdığınıza görə mən Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Artıq vaxtımız sona çatır. Baba Tağıyev çıxış etsin.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Bu gün hazırlanan bəyanat və qərar layihəsi çox dəyərli fikirlər əsasında formalaşdırılıb hazırlanmışdır. Millət vəkillərinin fikirləri də çox əsaslı faktlar əsasında hazırlanmışdır. Mən bir neçə kəlmə ilə millət vəkili olaraq çoxsaylı seçicilərim, Azərbaycan xalqının müxtəlif təbəqələri ilə görüşlərdə formalaşmış fikrimi demək istəyirəm.
Xocalı soyqırımı, Qarabağ faciəsi bizim başımıza niyə gəlib, bunun səbəbləri nədir? Qısa deyirəm. Burada millət vəkilləri çox gözəl dedilər ki, Qarabağ faciəsi “Böyük Ermənistan” iddiasında olan ermənilərin siyasətindən əmələ gəlmişdir. Amma çox təəssüf edirəm ki, burada millət vəkilləri vurğulamadılar ki, “Böyük Ermənistan” iddiası həm də Rusiyanın böyük imperiya siyasətinin tərkib hissəsidir. Qarabağ faciəsi rus imperiyasının vaxtı ilə hazırladığı siyasətin tərkib hissəsidir. Qarabağ probleminin uzanmasında Rusiya imperiyası birbaşa maraqlıdır, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun tərkibində onun da nümayəndəsi var.
Mən bir fakt deyəcəyəm. Burada 366-cı alay haqqında çox deyildi. Biz bu gün də yada salmalıyıq ki, Ermənistan ərazisində Rusiyanın 102 nömrəli bazası var. Bu isə bölgədə çox böyük faciələrə gətirib çıxara bilər. Gürcüstan ərazisindən çıxarılan texnikanın əksər hissəsi həmin bazaya yerləşdirilmişdir. Həmin bazada xidmət edən zabit və hərbiçilərin hamısı ermənidirlər. Kim zəmanət verir ki, bölgədə sabitlik pozularsa, həmin hərbi bazadan yenidən gərginliyin, müharibənin alovlanması üçün istifadə olunmayacaq? Bəli, burada bəzi millət vəkilləri deyəcəklər ki, bu, ara qarışdırmaqdır. Bu heç də ara qarışdırmaq deyil. Biz millət vəkilləriyik, biz öz fikirlərimizi birbaşa Amerikaya, Avropa birliyinə də deməliyik. Xalqımızın, dövlətimizin maraqları naminə biz Rusiyanın imperiya siyasətinə qarşı hər an sözümüzü deməliyik. Mən hesab edirəm ki, Xocalı faciəsinin dünyaya tanıdılması, Qarabağ probleminin həlli, eləcə də böyük dövlətlərin siyasətlərinin puça çıxarılması üçün atılmış addımlardan biri olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 29 nəfər millət vəkili çıxış etdi, çox dəyərli təkliflər verildi. Mən hesab edirəm ki, yaratdığımız komissiya bu təkliflərə baxmalı, bəyanat və qərar layihələri hazır olanda Milli Məclisin iclasında təsdiq olunmalıdır. Bir daha işinizə görə çox sağ olun. Sabah Milli Məclisin iclasıdır. Sağ olun.