27.02.2007 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  42

Mill Məclisin  iclas  salonu.
27  fevral  2007-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
R. Həşimov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Bələdiyyələrlə iş sektorunun müdiri.
C. Qədimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
S. Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ş. Yusifov, Samux rayonu Sərkər kənd bələdiyyəsinin sədri, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Ə. Babayev, Sumqayıt şəhər bələdiyyəsinin sədri, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri.
İ. Xəlilov, Biləcəri qəsəbəsi bələdiyyəsinin sədri, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Ə. Axundov, Nəsimi bələdiyyəsinin sədri.

* * *

B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Ç. Fərəcov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.
X. Rəcəbli, “Azərdamazlıq” Respublika Elm-İstehsalat Birliyinin direktoru əvəzi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin sənədlərinin qəbul edilməsi.
2. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə əlavələr edilməsi haqqında.
3. 2006-cı il dekabrın 22-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə.
4. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
5. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
6. Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “2006-cı il dekabrın 22-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
5. Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
6. Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
7. “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                 O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

27  fevral  2007-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir  92
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Gündəliyə münasibətinizi bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 11.59 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin müzakirəsinə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda keçək gündəliyə.
Hörmətli millət vəkilləri, dünən biz Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar dinləmələr keçirdik. Bizim deputatlar tərəfindən çoxlu təkliflər verildi. Bu təkliflər üzərində işlənildi. Yəqin ki, günün ikinci yarısında həmin sənədlər hazır olacaqdır. Ona görə gündəliyin ikinci məsələsindən başlayaq. Etiraz yoxdur ki?
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə əlavələr edilməsi haqqında sənədlər sizə paylanılıb. Bizim bəzi millət vəkilləri bir neçə işçi qrupunun üzvü olmaq istədilər. Etiraz yoxdur ki? Münasibətinizi bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.00 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası Prezidentinin “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa etirazları barədədir. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Aqrar siyasət daimi komissiyası tərəfindən 2006-cı il dekabrın 22-də Milli Məclisə çıxarılmış və müzakirə olunaraq qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” Qanun Konstitusiyaya görə Prezidentə göndərilməlidir və Prezident imza etməlidir. Bildiyiniz kimi, artıq bu sənədlər sizə paylanıb. Bu qanun geri qaytarılıb. Geri qaytarılmağının əsas səbəblərindən biri ondan ibarətdir ki, hələ 1996-cı ildə “Torpaq islahatı haqqında” Qanun qəbul olunarkən bağ təsərrüfatı ilə əlaqədar bir çox maddələr orada öz əksini tapıb. Həmçinin digər qanunlarda, Torpaq Məcəlləsində, Mülki Məcəllədə də bu Qanunda göstərilən maddələr əks olunub. Ancaq biz o vaxt nəzərə alırdıq ki, “Bağ təsərrüfatı haqqında” Qanun, sadəcə olaraq, bir çərçivə qanunu kimi lazımdır və söhbət yalnız bağ təsərrüfatı olan insanların istirahətindən gedirdi.
Amma etiraz məktubunda yazıldığı kimi, bu, Konstitusiyanın 59-cu maddəsi ilə ziddiyyət təşkil eləyir. Yəni hər bir adam öz təsərrüfatında azad sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Lakin qəbul etdiyimiz Qanun, həqiqətən, bunun qarşısını alır. Ona görə də biz bu Qanunu fevralın 16-da komissiyanın iclasında ətraflı müzakirə etdik və komissiya yekdil olaraq qərara aldı ki, həqiqətən, onun geri qaytarılması Konstitusiyaya tamamilə uyğundur. Hörmətli Sədr, hörmətli millət vəkilləri, bu Qanunun müzakirəyə elə bir ehtiyacı yoxdur. Bu Qanuna səs verək, qəbul eləyək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Səsə qoyuruq. Münasibətinizi bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin dördüncü məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Bu məsələyə üç komissiyanın iclasında baxılmışdır. Aparıcı komissiya İnsan hüquqları daimi komissiyasıdır. Rəbiyyət Aslanova yoxdur. Aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Quliyev, buyurun.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə layihədə “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan mətninin 25-ci maddəsində dəyişiklik nəzərdə tutulub. Bildiyiniz kimi, 2005-ci ildə biz “Fitosanitar nəzarəti haqqında” Qanun qəbul eləmişik. Burada “bitki karantini haqqında qanunvericilik aktlarına uyğun həyata keçirilir” deyəndə “fitosanitar nəzarəti haqqında qanunvericilik aktlarına uyğun həyata keçirilir” nəzərdə tutulur.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinə dair başqa suallar var? Münasibətinizi bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin beşinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanların illik məruzəsi haqqındadır. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə. Cənab Sədr, sağ olun. Yaxşı olardı ki, qısa məruzə ilə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış eləsin. Həmişə müzakirələri belə qurmuşuq.
Sədrlik edən. Vilayət Zahirov çıxış edəcək? Buyurun, Vilayət müəllim.
V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2006-cı il üzrə illik məruzəni diqqətinizə təqdim etmək istərdim.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə geniş miqyaslı demokratik islahatların əsasını qoymuşdur. Konstitusiyada yerli özünüidarələrlə bağlı müddəaların əks etdirilməsi ölkəmiz üçün yeni olan bələdiyyə institutunun formalaşmasını müəyyənləşdirmişdir. Demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri də yerli özünüidarəetmə institutunun – bələdiyyələrin yaradılmasıdır. Qısa müddət ərzində ölkəmizdə yerli özünüidarənin təşkili və daha da demokratikləşməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, beynəlxalq tələblərlə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır.
Bələdiyyələr ictimai həyatda fəal rol oynamağa başlamış və xeyli irəliləyişə nail olmuşdur. Bələdiyyələr getdikcə daha yaxşı təşkilatlanaraq özünüidarənin təkmilləşdirilməsinə meyil edir və yeni-yeni formalar əldə edirlər. Bu baxımdan şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən milli assosiasiyaların təsis edilməsi xüsusi qeyd olunmalıdır.
Avropa Şurasının Azərbaycanla əməkdaşlığa dair fəaliyyət planında milli bələdiyyə assosiasiyalarının təşkili prosesinin 2007-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Lakin bu assosiasiyaların yerli özünüidarənin inkişafına mühüm təsir göstərmək imkanları nəzərə alınaraq, müvafiq işlər daha da tezləşdirilmiş və 2006-cı ilin dekabr ayında tamamlanmışdır. Ölkəmizdə yaradılmış 2757 bələdiyyənin işinin təşkili, onların koordinasiyası və təmsil olunması baxımından assosiasiyaların yaradılması çox əhəmiyyətlidir. Bələdiyyələrin regional səviyyədə təşkil olunması da mühümdür. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasında şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən regional assosiasiyalar yaradılmışdır. Beləliklə, ölkəmizdə bələdiyyələrin 6 assosiasiyası mövcuddur.
Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi assosiasiyaların tərkibində işçi qrupuna zəruri köməklik göstərmişdi. Bələdiyyə institutunun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, mövcud problemlərin həll edilməsi daim Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin diqqət mərkəzindədir.
Ölkəmizin də qoşulduğu “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına görə yerli özünüidarəetmə orqanlarına verilən səlahiyyətlər tam və müstəsna olmalıdır. Bu baxımdan son illər bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində işlərin davam etdirilməsi diqqətəlayiqdir. Belə ki, “Ailə-kəndli təsərrüfatı haqqında” Qanuna uyğun olaraq 2006-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər olunmuş, ailə-kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiqləyən sənədlərin bələdiyyələr tərəfindən verilməsi müəyyən edilmişdir. Həyata keçirilmiş digər tədbirləri də nəzərə alaraq hesab edirik ki, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin apardığı monitorinqin nəticələri üzrə 2003-cü ilin may ayında qəbul etdiyi tövsiyələrin əksəriyyəti yerinə yetirilmişdir. Əlamətdar haldır ki, hazırda Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinə Milli Məclisdə baxılır.
Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır. Məqsəd inzibati nəzarətin təkmilləşdirilməsinə, onun daha da obyektiv, hərtərəfli və qanunauyğun aparılmasına, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına nail olmaqdan ibarətdir. Ona görə də əvvəlki illərdə qazanılmış təcrübə qiymətləndirilmiş, çatışmazlıqlar aşkar olunmuş, onların həlli yolları müəyyən edilmişdir.
Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi tədbirləri barədə” 2006-cı il 26 may tarixli sərəncamı ilə Mərkəz struktur bölmə kimi Ədliyyə Nazirliyinin Aparatına daxil edilmiş, onun statusu artırılmışdır. Həmin sərəncamda Ədliyyə Nazirliyinin yerli regional bölmələrinin yaradılması barədə tapşırıq verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təşkil edilmiş, Mərkəzə Baş İdarə statusu verilmiş, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi məqsədi ilə ədliyyə nazirinin əmrinə əsasən Mərkəzin tərkibində xüsusi qurum – İnzibati nəzarət idarəsi yaradılmışdır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsini artırmaq, yerlərdə ədliyyə orqanlarının fəaliyyətini əlaqələndirmək, əhalinin ədliyyə orqanlarına müraciət etmək imkanlarını asanlaşdırmaq məqsədi ilə həmin fərmanda regional ədliyyə şöbələrinin yaradılması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli sərəncamı ilə müvafiq ştat vahidləri ayrılmış və həmin şöbələrin fəaliyyətə başlaması üçün hazırda təşkilati tədbirlər həyata keçirilir.
2006-cı ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. İl ərzində Ədliyyə Nazirliyinin icraatında bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayət xarakterli 1086 müraciət olmuşdur. Nazirlik tərəfindən vətəndaşların, dövlət orqanlarının və digər təşkilatların müraciətlərinə diqqətlə yanaşılmış, bələdiyyələrin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı həmin müraciətlərdə göstərilən məlumatlar hərtərəfli öyrənilmiş, zəruri hallarda yerində araşdırmalar aparılmışdır. Müraciətlərə cavablar verilmiş, vətəndaşların qəbulu həyata keçirilmişdir. 2006-cı ildə 1633 vətəndaş qəbul edilmişdir. Bu da keçən ildəkindən 4,5 dəfə çoxdur.
İl ərzində mütləq təqdim olunmalı bələdiyyə aktları üzrə 16703 akt icraata qəbul edilmişdir. (Onlardan 295-i Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuşdur). Bu da keçən ildəkindən 65 faiz çoxdur. 988 qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyyələrə müraciət edilmişdir. Müqayisə üçün qeyd edim ki, bələdiyyə qərarlarının ləğvi və ya dəyişdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin bələdiyyələrə müraciətlərinin sayı 2005-ci ilə nisbətən 2 dəfə artmışdır. Həmin müraciətlərin nəticəsində 466 qərar bələdiyyə tərəfindən ləğv edilmiş, 22 qərar dəyişdirilmişdir.
Bundan başqa, əsasən, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı olan 48 qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün məhkəmədə iddia qaldırılmışdır. Məsələnin vacibliyi nəzərə alınaraq bu işlərə baxılmasına dair məhkəmə təcrübəsinin ümumiləşdirilib məhkəmələrə müvafiq izahlar verilməsi barədə Ali Məhkəməyə müraciət olunmuşdur.
Bələdiyyə aktlarının qanunla müəyyən edilmiş qaydada Ədliyyə Nazirliyinə göndərilməməsinə görə 146 inzibati xəta protokolu tərtib edilmiş və müvafiq məhkəmələrə göndərilmişdir. 81 nəfər bələdiyyə sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 321-1.2-ci maddəsinə əsasən məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişlər. Təəssüf ki, bir sıra hallarda cinayət xarakterli hüquq pozuntularına da rast gəlinir. İl ərzində 17 bələdiyyənin fəaliyyətində ciddi pozuntular aşkar edildiyinə görə həmin pozuntulara hüquqi qiymət verilməsi üçün materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Cinayət xarakterli pozuntulara Abşeron rayonu Ceyranbatan, Biləsuvar rayonu Bəydili, İsmətli və Ovçudərə, Masallı rayonu Qızılağac və Köhnə Alvadı, Astara rayonu Astara, Sabirabad rayonu Qaralar, İmişli rayonu Soltanmuradlı, Göyçay rayonu Qarayazı, Samux rayonu Qarayeli, Zaqatala rayonu Fındıqlı, İsmayıllı rayonu Qubaxəlilli, Bakı şəhəri Xətai və digər bələdiyyələrdə yol verilmişdir.
Cinayət xarakterli işlərin təhlili göstərir ki, baş vermiş qanun pozuntuları, əsasən, aşağıdakılardan ibarətdir: bələdiyyələrin maliyyə sənədlərinin qanunsuz məhv edilməsi, bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlərə dair təkbaşına sərəncam verilməsi, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmaması, bələdiyyə torpaqlarının normativ qiymətlərdən aşağı, bir sıra hallarda dəyəri ödənilmədən satılması nəticəsində bələdiyyəyə mühüm ziyan vurulması, yüksək gərginlikli elektrik xətlərinin, ixrac neft boru kəmərlərinin, suvarma kanallarının mühafizə zolaqlarında vətəndaşlara torpaq sahələrinin ayrılması, bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi, satışı qadağan olunan örüş və kənd təsərrüfatına yararlı torpaqların qanunsuz satılması.
Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məsələsi daim diqqət mərkəzində olmuş və bununla əlaqədar əlavə tədbirlər həyata keçirilmişdir. Belə ki, 2006-cı il ərzində bələdiyyələr tərəfindən 894 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 665 hektar torpaq sahəsinin isə qanunsuz olaraq icarəyə verilməsi haqqında qərarlar nazirliyin tövsiyələri əsasında müvafiq bələdiyyələrin özləri tərəfindən həmçinin nazirliyin iddiaları əsasında məhkəmə tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 1559 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməməsi qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşların narazılığına səbəb olan haldır. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 8-ci bəndinə əsasən bələdiyyələr mülkiyyətə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulan torpaq sahələrinin və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər. Təəssüf ki, Qanunun bu tələbinə əməl edilmir.
Bələdiyyə torpaqlarının idarə edilməsi məsələlərinə dair qanun pozuntularının qarşısının alınması, habelə mövcud problemlərin təhlili üçün aidiyyəti dövlət orqanları ilə birlikdə hüquqi maarifləndirməyə dair seminarlar, müşavirə və digər tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Ədliyyə Nazirliyinin, bələdiyyələrin və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
Yol verilmiş qanun pozuntularının profilaktikasına xüsusi əhəmiyyət verilmiş, başlanmış cinayət işləri üzrə istintaq və məhkəmə orqanları tərəfindən cinayəti doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 12 təqdimat, xüsusi qərar və qərardadlar verilmişdir. Onların İmişli, Xaçmaz, Neftçala, Göyçay, Oğuz, Zaqatala və Qax rayonunun müvafiq bələdiyyələrində müzakirəsi zamanı nazirliyin əməkdaşları iştirak etmiş, qanun pozuntularına gələcəkdə yol verilməməsi istiqamətində təklif və tövsiyələrini bildirmişlər.
Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirərkən Hesablama Palatası, Auditorlar Palatası və digər aidiyyəti orqanlar ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir. Hesab edirik ki, inzibati nəzarətin səmərəliliyinin artırılması, bu sahədə işin təşkilinin keyfiyyətcə yaxşılaşdırılaraq daha yüksək səviyyəyə çatdırılması istiqamətində bir çox işlər görülməlidir.
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasının əsas şərtlərindən biri bələdiyyələrdə işin düzgün təşkili, onların səriştəli kadrlarla təmin edilməsidir. Ədliyyə Nazirliyi bu məsələlərə əhəmiyyət verərək bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının maariflənməsini daim diqqət mərkəzində saxlamışdır. Nazirliyin Hüquq Tədris Mərkəzində təşkil edilən kurslarla kifayətlənməyərək hüquq maarifçiliyinin yalnız bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını deyil, daha geniş auditoriyanı əhatə etməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək televiziya və radioda 25 çıxış edilmiş, qəzet və jurnallarda 22 məqalə yazılmışdır. Bu məqsədlə televiziyada bələdiyyələrlə bağlı hazırlanmış xüsusi verilişlərin böyük əhəmiyyəti olmuşdur. Bundan başqa, 19 yerli və regional seminar, habelə digər tədbirlər keçirilmişdir.
Bələdiyyələrin maarifləndirilməsi işində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə də zəruri köməklik göstərilmişdir. Keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, müvafiq bələdiyyələrin iştirakı təmin edilmiş, onların zəruri hüquqi ədəbiyyatlarla təmin olunmasına yardım edilmişdir.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi də regionda müvafiq maarifləndirici tədbirlər həyata keçirmişdir. Bələdiyyələrin maarifləndirilməsinə yönəldilən tədbirlər həm də digər dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq şəraitində həyata keçirilmişdir. Bu tədbirlərdə cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu, onların hüquq və vəzifələri, işin təşkili məsələləri, torpaq qanunvericiliyi, korrupsiya problemləri barədə ətraflı müzakirələr aparılmışdır.
Bələdiyyələrin maarifləndirilməsi məsələlərində metodik vəsaitlərin hazırlanması çox önəmlidir. Bunu nəzərə alaraq həlli vacib olan bu və ya digər sahədə işi düzgün təşkil etmək üçün bələdiyyələrin maraqlarına və ehtiyaclarına cavab verən vəsaitlər hazırlanmasına üstünlük verilmişdir. Belə ki, Britaniya Şurası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla birlikdə “Bələdiyyələr və onların icmaları” təlim proqramı hazırlanmış və bələdiyyələrin istifadəsinə verilmişdir. 2005-ci ildə Bakı və Sumqayıt şəhərlərində “Bələdiyyələr və ekologiya: mövcud problemlər və onların həlli” mövzusunda keçirilmiş elmi-praktik konfransın materialları hesabat ilində Sumqayıt bələdiyyəsinin maliyyə köməkliyi ilə dərc olunaraq bələdiyyələrin istifadəsinə verilmişdir.
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi beynəlxalq təşkilatlarla, xarici ölkələrin dövlət və yerli özünüidarə orqanları ilə məqsədli əməkdaşlığın həyata keçirilməsini zəruri etmişdir. Bu baxımdan beynəlxalq əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilmişdir. Bütövlükdə il ərzində 30-dan artıq müxtəlif beynəlxalq tədbirlər həyata keçirilmişdir.
Avropa Şurası və onun müvafiq təşkilatları ilə sıx və intensiv əlaqələr bələdiyyələrin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilində çox əhəmiyyətlidir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) ilə yerli özünüidarə sahəsində korrupsiyaya qarşı mübarizə, yerli hakimiyyətlərin milli assosiasiyalarının təşkili, bələdiyyələrə müstəsna səlahiyyətlərin verilməsi, regional əməkdaşlıq, bələdiyyələrin maliyyə müstəqilliyi və sair məsələlər üzrə faydalı əməkdaşlıq edilmişdir.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə olduqca səmərəli və işgüzar münasibətlər qurularaq yerli və regional demokratiya məsələlərinin həllində geniş əməkdaşlıq həyata keçirilmişdir. Məhz bu əməkdaşlığın bariz nümunəsidir ki, Konqresin keçmiş prezidenti Covanni Di Stazi və yeni prezidenti Halvdan Skard, Konqresin vitse-prezidentləri Yan Mikalef və Yelena Sfirloqa, həmçinin digər yüksək vəzifəli şəxslər ayrı-ayrılıqda 2006-cı ildə Azərbaycana işgüzar səfərlər etmişlər. Xüsusi ilə əlamətdardır ki, Halvdan Skard prezident seçildikdən sonra özünün ilk xarici səfərini ölkəmizə etmişdir.
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Strasburqda Konqresin iyun sessiyasının Cənubi Qafqazda yerli və regional demokratiya məsələləri üzrə plenar iclasında iştirak etmiş, yerli özünüidarə institutunun inkişafı üzrə ölkəmizdə görülən işlər barədə geniş məlumat vermişdir. Həmçinin Ermənistana hərbi təcavüzün ağır nəticələri, 1 milyondan artıq vətəndaşımızın özünüidarə hüququndan məhrum olmasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Məlum olduğu kimi, 2006-cı il noyabrın 6-da bələdiyyələrə təkrar, əlavə və ilk dəfə seçkilər keçirilmişdir. Seçkilər ərəfəsində Ədliyyə Nazirliyi əsas etibarı ilə seçicilərin maariflənməsinə yönələn tədbirlər həyata keçirmiş və bununla əlaqədar həm Mərkəzi Seçki Komissiyası ilə, həm də yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Yerli və Regional Hakimiyyətlər Konqresi seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində hakimiyyətin həyata keçirdiyi səyləri alqışlamışdır.
Bütün bunlarla yanaşı, bildiririk ki, 2004-2005-ci ilin yekunları üzrə Milli Məclisə təqdim olunmuş illik məruzələrdə inzibati nəzarətin və bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bəzi təkliflər verilmişdir. Onlardan əlavə, aşağıdakı yeni təkliflərə də baxıla bilər: bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət zamanı müstəqil audit xidmətindən istifadə edilməsi maliyyə məsrəfləri tələb etdiyi üçün inzibati nəzarəti həyata keçirən orqana dövlət büdcəsindən hər il üçün maliyyə vəsaitinin ayrılması zəruridir. Bu, inzibati nəzarətin həyata keçirilməsi məsələlərində maliyyə sərbəstliyini təmin etmiş olar. Ona görə də “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna müvafiq əlavələr edilməsi məqsədəuyğundur.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının qanunlarında bələdiyyələrin üzərinə yerli büdcə vəsaitinin xərclənməsi barədə hesabatın əhaliyə çatdırılması vəzifəsi qoyulmuşdur. Yerli özünüidarəetmənin səmərəliliyini artırmaq və əhalini bələdiyyələrin fəaliyyəti barədə tam və obyektiv məlumatla təmin etmək məqsədi ilə müvafiq hüquq normalarının qanunvericilikdə daha da gücləndirilməsi məqsədəuyğun olardı.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində torpağın xüsusi mülkiyyətə verilməsi ilə bağlı müəyyən olunmuş adambaşına düşən orta torpaq normasına uyğun olaraq kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar üçün maksimum həddi müəyyən edən limit qoyulmuşdur. Torpaqların sürətli alğı-satqısını nəzərə alaraq həmin limitin yenidən nəzərdən keçirilməsi məqsədə müvafiqdir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və kollektiv surətdə müraciət etmək hüquqları təsbit edilmiş, lakin qanunvericilikdə qeyd olunan müraciətlər üzrə icraatın və kargüzarlığın aparılması qaydaları açıqlanmamışdır. Ona görə də bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması və həmin müraciətlər üzrə kargüzarlığın aparılması qaydalarının tənzimlənməsi üçün müvafiq normativ-hüquqi aktın qəbul edilməsi təklif olunur. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə əsasən bələdiyyələrə bəzi yeni səlahiyyətlərin verilməsi məsələsinə baxılması da məqsədəuyğun olardı.
 Hörmətli millət vəkilləri, ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir, mövqeləri möhkəmlənir. Demokratik dəyişikliklərin geniş vüsət aldığı indiki zamanda yerli özünüidarənin, bələdiyyələrin də rolu getdikcə artmaqdadır. Ölkədə demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların fəaliyyətinə inzibati nəzarətin daha səmərəli həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Hesabat dövründə yerli özünüidarənin inkişafında, onun demokratikləşməsində, bu proseslərin hüquqi tənzimlənməsi sahəsində xeyli işlər görülmüşdür.
2006-cı ildə bir sıra bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçirilmişdir. Bələdiyyələrin təşkilatlanması davam etdirilmiş, onları birləşdirən şəhər, qəsəbə və kənd milli assosiasiyaları yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 may tarixli sərəncamı və 2006-cı il 17 avqust tarixli fərmanı ilə Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Əmək Məcəlləsinə bələdiyyələrin səlahiyyətlərini genişləndirməyi təmin edən düzəliş qəbul olunmuşdur.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təkmilləşdirilməsi sahəsində də xeyli iş aparılmışdır. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən nəzarət qaydasında aparılan yoxlamaların sayı, əhatəliliyi və təsiri xeyli artmışdır. Yoxlamalarda nöqsanları müəyyən edib səbəbkarları cəzalandırmaqdan daha çox, qanunsuz hərəkətlərin qarşısını almaq, bələdiyyə üzvlərini və qulluqçularını maarifləndirmək məqsədi qarşıya qoyulmuşdur.
Bələdiyyələrlə İş Mərkəzi bələdiyyə orqanlarında maliyyə intizamına əməl olunmasına, onların gündəlik işlərində demokratik normalara, aşkarlığa riayət edilməsinə, torpaq qanunvericiliyinin tələblərinin gözlənilməsinə və bələdiyyələrin fəaliyyətinin digər mühüm məsələlərinə daha çox diqqət yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin keçənilki məlum fərmanı ilə Bələdiyyələrlə İş Mərkəzi Ədliyyə Nazirliyinin aparatının tərkibinə daxil edilmiş və nazirliyin yerli bölmələrinin yaradılması müəyyənləşdirilmişdir. Görülən tədbirlər bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərmişdir. İl ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti yaxşılaşdırılmış, təşkilatçılığı və təcrübəsi xeyli artmışdır.
Bələdiyyələr bir çox yerli əhəmiyyətli məsələlərin həllini öz üzərinə götürürlər. Cəmiyyətdə bələdiyyə haqqında, onun imkanları və problemləri ətrafında real təsəvvür formalaşmaqdadır. Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətinin yerli özünüidarəetmə sisteminin formalaşmasında müsbət rolu danılmazdır.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bu sahədəki imkanlardan heç də lazımınca istifadə olunmur. Respublikanın icra hakimiyyəti sistemində Bələdiyyələrlə İş Mərkəzi yeganə orqandır ki, bələdiyyələrin fəaliyyəti ilə bilavasitə məşğul olur. Belə olan halda Mərkəz bələdiyyələrə metodiki yardım göstərmək, onların fəaliyyətində müvafiq qanunların tələblərinə riayət edilməsinə, təşkilatlanmasına köməklik etməklə bərabər, bələdiyyə qanunvericiliyinin aidiyyəti dövlət strukturları tərəfindən icra edilməsinə diqqət yetirməli, bu sahədə yol verilən nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görməlidir.
Komissiya hesab edir ki, bu məsələ Bələdiyyələrlə İş Mərkəzinin və bütövlükdə Ədliyyə Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır. 2005-ci ilin yekunları üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı məruzənin müzakirəsi zamanı qeyd olunmuşdur ki, bələdiyyələrlə bağlı bir sıra qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları qeyri-qənaətbəxş icra olunur. Bir il keçməsinə baxmayaraq, bu işdə nəinki dönüş yaradılıb, hətta görülən tədbirlər haqqında məruzədə heç bir məlumat yoxdur.
Bələdiyyələrin böyük əksəriyyəti indiyə qədər mülkiyyətlərinə verilən torpaqlara aid dövlət aktlarını almamışlar. Heç də bütün bələdiyyələr inzibati bina ilə, otaqlarla və müvafiq avadanlıqlarla təmin edilməmişdir. Bələdiyyələrin yerləşdiyi binaların başqa hüquqi və ya fiziki şəxslərin xeyrinə özgəninkiləşdirilməsi faktlarına da rast gəlmək olur. Bələdiyyələrə ayrılan binalar, bir qayda olaraq, onların mülkiyyətinə verilməmişdir. Bələdiyyələrin ictimai həyatda nüfuzunun artması və yerli əhəmiyyətli məsələlərin həllində fəallığı, ilk növbədə, yerli özünüidarə orqanlarının maliyyə imkanlarından asılıdır. Bu sahədə, hər şeydən əvvəl, bələdiyyələr maliyyə imkanlarının artırılması üçün onlara verilən səlahiyyətlərdən daha dolğun istifadə etməlidirlər.
Bələdiyyə büdcələrinin gəlirlərində, xüsusi ilə şəhərlərdə küçə reklamlarının yerləşdirilməsindən və avtomobil dayanacaqlarından yığılan ödənişlərin xüsusi çəkisinin artmasına böyük imkanlar var. Əfsuslar olsun ki, bir çox hallarda bələdiyyələr bu imkandan istifadə edə bilmirlər. Misal üçün, Bakı şəhərində reklamdan gələn gəlirin hesabına xüsusi departament yaradılıb. Ola bilsin ki, hansısa bələdiyyə bu işin öhdəsindən gəlmək üçün lazımi təcrübəyə malik deyil. Belə olan halda bələdiyyə ona göstərilən xidmətin müqabilində müəyyən haqq ödəməlidir. Əslində, bələdiyyələr bu yığımdan tamamilə məhrumdurlar. Bu haqda keçənilki müzakirədə də deyilmişdir. Lakin hesabat dövrü ərzində problemin həlli istiqamətində heç bir iş görülməyib.
Bələdiyyələrə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi və ayrılma qaydasında da ciddi dönüş yaradılmalıdır. Komissiya hesab edir ki, dotasiya bələdiyyə üzvlərinin və qulluqçularının məvacibinə, yaxud digər cari xərclərə sərf edilməməli, dövlət vəsaitindən məqsədli proqram qaydasında istifadə olunmalıdır.
Dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi əsnasında Maliyyə Nazirliyi ilə bu barədə müvafiq razılıq əldə olunmuşdur və hesab edirik ki, məsələnin həlli Mərkəzin fəaliyyətində lazımi yer tutacaqdır. Bələdiyyələrin inkişafı əhalinin ictimai təşəbbüsündən, bələdiyyə üzvlərinin idarəetmə qabiliyyətindən, peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır. Sirr deyil ki, bir çox hallarda bələdiyyələrin fəaliyyətsizliyi və qanunazidd hərəkətləri onların məlumatsızlığından və təcrübələrinin kifayət qədər olmamasından irəli gəlir. Düzdür, Mərkəz bələdiyyə sistemində çalışanların bilik səviyyəsinin artırılması sahəsində müəyyən işlər aparır. Bələdiyyə üzvlərinin və qulluqçularının müvafiq tədris kurslarına cəlb edilməsi ilbəil artır. Lakin bütövlükdə bu işi qənaətbəxş hesab etmək olmaz.
Bələdiyyə üzvlərinin və qulluqçularının sayı 45 minə yaxın olduğu halda, 2006-cı il ərzində tədris kurslarına cəmi 180 nəfər cəlb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması nəzərdə tutulubdur. Sözsüz ki, akademiyanın yaradılması ədliyyə sahəsində mütəxəssislərin hazırlanmasına, onların biliklərinin artmasına müsbət təsir göstərəcəkdir. Ümid etmək olar ki, akademiya fəaliyyətə başlayanda daha çox bələdiyyə üzvü və qulluqçusu ixtisasartırma kurslarına cəlb olunacaqdır.
Bununla yanaşı, bələdiyyələrin inkişafı və cəmiyyətdə rolunun artırılması ümumdövlət işi olduğu üçün bu problemin həllində dövlətin resurslarından daha geniş istifadə olunmalıdır. Söhbət respublikanın təhsil sisteminin imkanlarından gedir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, bu iş dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin əsas istifadə istiqamətlərindən biri ola bilərdi.
Hörmətli millət vəkilləri, məruzə komissiyanın iclasında müzakirə edilmiş və komissiya rəyə gəlmişdir ki, qəbul edilə bilər. Ədliyyə Nazirliyi tərəfindən verilən təkliflərə komissiyada baxılacaqdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Bu gün bizim iclasda ədliyyə nazirinin müavini ilə birlikdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi də iştirak edir. Millət vəkillərinin çıxışları olacaq. Verilən sualları cavablandırmağa onlar da hazır olsunlar. Müzakirəyə başlayırıq. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bəri başdan deyim ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Ədliyyə Nazirliyinin illik məruzəsinə mənim elə bir iradım yoxdur. Ədliyyə Nazirliyi ona aid olan səlahiyyətə uyğun olaraq imkan daxilində bələdiyyələrin fəaliyyətinə nəzarəti əks etdirən sənəd hazırlayıb.
İndi bələdiyyələr elə vəziyyətdədirlər ki, əli-qolu bağlı, fəaliyyəti olmayan, səlahiyyətlərini gerçəklikdə həyata keçirə bilməyən qurum olduğuna görə inzibati nəzarətlə bağlı onlardan nə isə ummaq ədalətsizlik olar. Ona görə də mənim məruzəyə münasibətim müsbətdir. Amma bütövlükdə bələdiyyələrin fəaliyyəti ilə bağlı bir neçə fikrimi diqqətinizə çatdırmaq istəyirəm.
Bildiyiniz kimi, Yerli Özünüidarə haqqında Avropa Xartiyasının 8-ci maddəsində bələdiyyələrin fəaliyyətinə nəzarətin qaydaları müəyyən olunmuşdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyasının IX fəslində yerli özünüidarənin təşkili ilə bağlı müddəalar vardır və bələdiyyələr bunun əsasında öz fəaliyyətini həyata keçirir. Amma mən hesab edirəm ki, Ədliyyə Nazirliyinin bələdiyyələr üzərində nəzarəti bilavasitə hüquqi şəxs kimi qeydiyyata alınmış bələdiyyələrin fəaliyyətinin qanunauyğunluğu ilə məhdudlaşmamalıdır. Bu nə ilə bağlıdır? Nə üçün bu tezisi irəli sürürəm?
Bütövlükdə bələdiyyələr üzərində nəzarət mexanizmi necə olduğunu biz diqqətlə araşdırmalıyıq. Bir tərəfdən icra hakimiyyətlərinin, digər tərəfdən Ədliyyə Nazirliyinin və başqa dövlət orqanlarının nəzarəti var. Üstəlik əhali də bələdiyyələri qınayır. Necə deyərlər, bələdiyyələri tənqid eləməyə vərdiş eləmişik. Bələdiyyələrin qanunsuz torpaq satmasından, fəaliyyətinin yarıtmazlığından danışmışıq. Bu gün mən həmin tənqidi səsləndirmək istəmirəm. Faktiki olaraq, ölkədə başqa sahələrdə müəyyən inkişaf var. Amma bir sahə var ki, orada geriləmə daha çox müşahidə olunur. O da bələdiyyələrin fəaliyyəti ilə bağlıdır. Bələdiyyələr tamamilə fəaliyyətsiz bir orqandır, Konstitusiyanın verdiyi səlahiyyətləri həyata keçirməkdə acizdir. Bu gün bələdiyyələr su idarəsi üçün su pulu yığan, qaz idarəsi üçün qaz pulu yığan, enerji idarəsi üçün işıq pulu yığan bir qurumdur.
Bələdiyyələr hətta vergilərini belə yığa bilmir. Əslində, onların əlində elə bir mexanizm yoxdur ki, heç olmasa, öz vergilərini yığsınlar və həmin rüsumlardan əldə olunan gəlirlərlə müəyyən iş görə bilsinlər. Bələdiyyələrin fəaliyyəti xeyli məhduddur və tam mənada icra hakimiyyətlərindən asılı vəziyyətdədir. Ona görə də mən təklif edərdim ki, biz əvvəl-axır bu məsələdə də ortaya ciddi bir mövqe qoyaq.
Azərbaycanda yerli özünüidarəetmədə ikihakimiyyətliliyə son qoyulmalıdır. Artıq ölkə elə bir inkişaf səviyyəsinə gəlib ki, dövlət öz yükünü azaltmaq barədə düşünməlidir. Dövlətin büdcəsinin inkişaf amili də bunu göstərir. Bu gün yerlərdə zibili yığışdıracaq orqan yoxdur. Mənzil-istismar sahələri qalmaqdadır. Amma yerlərdə bu işi həyata keçirən hansısa bir orqanı tapmaq olduqca çətindir. Hamı bir-birinin üzərinə atır, büdcəsində pul olmamasından şikayətlənir. Yol problemini, su problemini, əhalinin normal yaşayışı ilə bağlı hər hansı bir problemi həll edəcək gücə malik deyillər.
Bu baxımdan mən hesab edirəm ki, ilk növbədə, biz əhalinin bələdiyyələr üzərində nəzarət mexanizmini inkişaf elətdirməliyik. Əhali seçdiyi bələdiyyələr vasitəsi ilə özünün problemlərini həll eləməlidir. Siz diqqət eləyirsinizsə, Prezidentə, Milli Məclisə yerli problemlərin həlli ilə bağlı yüzlərlə məktub gəlir. Əvvəl-axır bu yükdən qurtarmaq lazımdır.
Digər vacib bir məsələ Bakının taleyi ilə bağlıdır. Xüsusi ilə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılmasının artıq vaxtı çatıbdır. Ümumiyyətlə, Bakıda bələdiyyələrin fəaliyyəti görünmür. Demək olar ki, ikihakimiyyətlilik bələdiyyələrin sıradan çıxmasına səbəb olur, onların müstəqil qərar qəbul eləməsinə imkan vermir. Bu baxımdan hesab edirəm ki, biz Konstitusiyanı əsas götürərək, bələdiyyələrlə bağlı milli assosiasiyalar, regional birliklər yaratmaq variantları ilə özümüzə təsəlli verməməliyik. Müstəqil olmayan bir qurumun milli assosiasiyalar, yaxud regional birliklər yaratmağının nə faydası olacaq? Bu, dövlətin özü üçün vacibdir. Bəzən belə fikirləşirlər ki, bu mexanizmin qalması müəyyən mənada yerlərdə nəzarətin daha da güclənməsinə xidmət eləyə bilər, yaxud daha çox yuxarıdan mərkəzləşmiş hakimiyyətin imkanlarını genişləndirə bilər. İdarəetmə ilə tanış olanlar görürlər ki, bu, olduqca ciddi fəsadlar yaradır.
Demək olar ki, bələdiyyələr yaradıcı ruhdan, özlərinin gəlir əldə etmək üçün müstəqil addım atmaq imkanlarından məhrumdurlar. Rayonlarda isə daha acınacaqlı bir vəziyyətdir. Bakıda xaricdən gələnlərə göstərmək üçün 5-10 bələdiyyə sədri tapıb, onlarla müzakirələr aparılır. Bu baxımdan hesab edirəm ki, biz bu sahədə ciddi islahatlara başlamalıyıq. Milli Məclisdə bu vacib problemlə bağlı müzakirələr aparılmalıdır.
Biz dünən Xocalı məsələsi ilə bağlı müzakirələr apardıq. Bizdə, adətən, belə müzakirələr necə gedir? Hamı xatirələrini danışır, ürəyini boşaldır. Amma heç kim konkret sənəd üzərində fikir yürütməyə çalışmır ki, ortaya bir sənəd çıxaraq.
İndi bələdiyyələrlə bağlı məruzəni dinlədik. Hər şey əladır. Hər şeyə nəzarət olunur, yaxud hansısa bələdiyyələrlə bağlı cinayət işi açılıb. Amma səlahiyyətləri məhdudlaşdırılan bir qurumu böhrandan çıxarmaq üçün tədbirlər barədə düşünsək, konkret sənəd qəbul eləsək, daha yaxşı olar.
Bir daha qeyd edirəm ki, mən Ədliyyə Nazirliyinin illik hesabatını qənaətbəxş hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siz dünənki müzakirədə iştirak eləmədiniz? Deyəsən, dünənki müzakirə xoşunuza gəlməyib.
F. Mustafayev. Mikrofonum xarab olduğuna görə mən fikrimi bildirə bilmədim. Amma hər halda dünənki müzakirənin formasına münasibətim müsbət deyil. Sağ olun.
Sədrlik edən. Çox gözəl. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və mətbuat nümayəndələri! Həqiqətən də, bələdiyyələr – yerli özünüidarəetmə orqanları ölkəmizin inkişafında demokratik dəyərlərin irəliyə aparılmasında, vətəndaş cəmiyyətinin güclənməsində, ən nəhayət, əks-mərkəzləşmə siyasətinin yerlərdə öz əksini tapmasında çox mühüm bir rola malik olan qurumlardır. Ona görə də millət vəkilləri, Milli Məclis bütövlükdə bələdiyyələrin inkişafına və bələdiyyə ilə bağlı məsələlərə həmişə diqqət ayırıb, xüsusi həssaslıq nümayiş etdirib. Bu baxımdan mən də çalışacağam ki, bu gün təqdim olunmuş hesabata həm təkliflərimi, həm də bəzi iradlarımı bildirim.
Əvvəla, hesabatın strukturu ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Hesabatın strukturu bütövlükdə qənaətbəxş deyildir. Çünki bu gün bələdiyyələr haqqında tam şəkildə təsəvvür əldə etmək üçün bu hesabatı oxumaq kifayət deyil. Şəxsən mən bunu oxudum. Məndə tam şəkildə təsəvvür yaranmadı ki, bu gün Azərbaycanda bələdiyyə sektoru, bələdiyyə institutu hansı rola malikdir. Ona görə də yaxşı olardı ki, gələcəkdə biz ölkənin inkişafında bələdiyyələrin indeksini müəyyən edən müəyyən statistik rəqəmlərə, müəyyən statistikaya diqqət ayıraq. Məsələn, bələdiyyə sektoru bütövlükdə il ərzində hansı büdcəyə malik olubdur, hansı vəsait toplayıbdır, Azərbaycanda sosial və iqtisadi problemlərin həllində hansı layihələr həyata keçiribdir?
Bilirsiniz ki, Azərbaycanda mövcud olan 9 vergi növündən 4-nü bələdiyyələr toplayırlar və bələdiyyənin büdcəsini, əsasən, həmin vergilər formalaşdırır. Amma bu gün hesabatdan tam şəkildə bilgi əldə etmək olmur ki, bələdiyyələr bütövlükdə yerli problemlərin həllində necə iştirak edirlər? Yaxşı olardı ki, gələn hesabatlarda bunlar nəzərə alınsın.
İkinci təklifim ondan ibarətdir ki, bu hesabatı oxuyursan, 18 səhifəlik hesabatın tam yarısı seminarlar, tədbirlərin, qanunların və hüquqi aktların təsvirindən ibarətdir. Millət vəkilləri çox gözəl bilirlər ki, hansı qanunlar mövcuddur və bu qanunlar necə icra olunur. Ona görə də yaxşı olardı ki, həmin təsvirin yerinə daha praktiki məlumatlar öz əksini tapsın.
Strukturla bağlı deyəcəyim üçüncü məqam ondan ibarətdir ki, bələdiyyələrlə bilavasitə təmasda olan yerli icra hakimiyyəti orqanları arasında münasibətlər heç də arzuolunan səviyyədə deyildir. Bu heç kimə sirr deyil. Bilirsiniz ki, istər səlahiyyətlərin bölüşdürülməsinə, istərsə də səlahiyyətlərə bu və ya digər formada müdaxilələr var. Ancaq hesabatda bununla bağlı heç bir məqama rast gəlmədim. Bu gün yerlərdə icra hakimiyyəti orqanları ilə bələdiyyələr hansı istiqamətdə fəaliyyət göstərirlər və onların bu gün üzləşdiyi problemlər nədən ibarətdir? Konkret olaraq, bu istiqamətdə müəyyən işlər görülə bilər. Bu baxımdan növbəti sessiyalarda bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsindən danışacağıq və yeni qanunun qəbulundan söhbət açacağıq. Şəxsən bu hesabatı oxuyandan sonra bələdiyyə sisteminə bələd olmayan hər hansı bir şəxsdə səlahiyyətlərin verilməsi ilə bağlı ciddi suallar yaranır. Çünki bələdiyyə sistem olaraq tam şəkildə təsvir olunmur. O ki qaldı konkret məsələlərə, onlarla bağlı fikrimi bildirmək istəyirəm və bir neçə sualım var.
Hesabatda göstərilir ki, keçən il üç assosiasiya yaradılıbdır. Kənd bələdiyyələri üçün, qəsəbə bələdiyyələri üçün və şəhər bələdiyyələri üçün. Mən sual vermək istəyirəm, bu üç assosiasiyaya ehtiyac var idimi? Olmazmı, bütün dünyada olduğu kimi, bələdiyyə strukturları vahid bir assosiasiyada birləşsinlər. Elə şəhər, rayon var ki, orada həm qəsəbə, həm kənd, həm də şəhər var. Burada bir inzibati ərazi bölgüsünə üç müxtəlif qurum tərəfindən müdaxilələr olacaqdır. Bu, işin təkmilləşməsinə xeyir gətirməyəcək, müəyyən mənada parçalanmaya və pərakəndəliyə yol açacaq. İstərdim ki, bunun səbəbi aydınlaşsın.
İkinci məsələ ondan ibarətdir ki, bu gün hesabatda qeyd olunduğu kimi, bir çox bələdiyyələr, ümumiyyətlə, hesabat vermirlər. Halbuki qanunvericiliyin tələblərinə əsasən ildə azı bir dəfə onlar seçicilərinə hesabat verməlidirlər. Bilavasitə onların fikirləri nəzərə alınmalı, heç olmasa, maliyyə hesabatları verilməlidir. Ancaq burada göstərilir ki, bu hesabatlar verilmir. Amma hansı tədbir görülür? Ümumiyyətlə, mən bilmirəm, bu mərkəzi orqanın səlahiyyətinə aiddir, yoxsa yox? Aid deyilsə, müəyyən mənada buna aydınlıq gətirilməlidir.
Həqiqətən də, bu gün bələdiyyələrin ən böyük problemlərindən biri ondan ibarətdir ki, onlar seçicilərinə, insanlara dürüst məlumat vermirlər, bütövlükdə icmanın inkişafında, problemlərin həllində onların iştirakını təmin edə bilmirlər. Bununla bağlı burada müəyyən təkliflər səslənsəydi, yaxşı olardı.
Nəhayət, sonuncu toxunmaq istədiyim məsələ ondan ibarətdir ki, bələdiyyə institutunun əməkdaşları, işçiləri üçün müəyyən mənada tədris və təlim proqramları çox aşağı səviyyədədir. Bunu hörmətli Arif müəllim çox doğru olaraq qeyd etdi. Bu gün bələdiyyə sektorunda 45 min insan çalışır. Bu çox böyük rəqəmdir. Amma 45 min insanın bu gün cəmi 180 nəfəri tədrisə cəlb olunub. Halbuki bələdiyyə üzvlərinin bilik və bacarığının artırılmasına böyük ehtiyac var. Adi maliyyə menecmentindən tutmuş layihələrin hazırlanmasına, beynəlxalq əlaqələrin qurulmasına qədər biz bu işlərin içindəyik. Mən qeyri-hökumət təşkilatlarının təmsilçisi olduğuma görə az-çox məlumatım var. Burada çox böyük boşluqlar var. Amma 45 min işçinin cəmi 180 nəfəri tədris prosesinə cəlb olunur. Bilmək istəyirəm, bununla bağlı vəsaitmi çatışmır, texniki bazamı yoxdur? Yoxsa bunun səbəbi nədir? Əgər doğrudan da, müəyyən mənada burada tərəfdaşlara ehtiyac varsa, bizə bu barədə konkret müraciətlər daxil olarsa, hesab edirəm ki, QHT sektoru bu istiqamətdə işini daha da sürətləndirə bilər, kömək edə bilər.
Ona görə də yekun olaraq bildirmək istəyirəm ki, bütövlükdə bu məsələdə ən vacib məqamlar, ən vacib nüanslar hiss olunmalıdır, göstərilməlidir. Hesabat elə hazırlanmalıdır ki, bütövlükdə gələcəkdə bələdiyyə sektorunun inkişafına yardım etmiş olsun, millət vəkillərində müəyyən təsəvvür yaratsın, müəyyən bir problemin həlli istiqamətində insanların fəallığını səfərbər etsin. Çox istərdim ki, mənim təkliflərimdən heç kim inciməsin. Çünki mən bunu səmimi olaraq deyirəm. İstərdim ki, bizim hörmətli Ədliyyə Nazirliyinin müvafiq qurumları gələcəkdə hesabatı hazırlayanda bu məqamlara diqqət ayırsın. Sağ olun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, qonaqlar, mətbuat nümayəndələri! Müzakirə olunan məsələlərlə bağlı mən də bəzi fikirlərimi bildirmək istəyirəm. Əvvəla, qeyd eləmək istəyirəm ki, Azərbaycanda bələdiyyələrin sayı ildən-ilə artır və hesabatdan da göründüyü kimi, ölkədə 2757 bələdiyyə fəaliyyət göstərir. Bu qədər bələdiyyənin fəaliyyətinə nəzarət eləmək fiziki baxımdan mümkün deyil. Bələdiyyələrlə İş Mərkəzində bu nəzarətin həyata keçirilməsi şəxsən mənim üçün qeyri-real görünür.
Azərbaycan Respublikasının Prezidenti “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi tədbirləri barədə” 2006-cı il 26 may tarixli sərəncam imzalayıb. Həmin sərəncamda bu nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə regionlarda müvafiq strukturların yaradılması barədə tapşırıq verilib. Amma hesabatdan görsənmir ki, belə bölmələr yaradılıbmı və onların fəaliyyəti, ümumiyyətlə, nədən ibarətdir? Məndən öncə çıxış eləyən həmkarlarımın söylədiyi kimi, hesabatda çatışmayan cəhətlərdən biri də ondan ibarətdir ki, bizdə bələdiyyələrin torpaq üzərində sərəncam hüququ yoxdur. Yalnız müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bu torpaqlarla bağlı sərəncam verilə bilər. Amma qeyd olunduğu kimi, çox yaxşı haldır ki, təqribən qanunsuz olaraq verilmiş 1559 hektar torpaq sahəsi geri qaytarılıb.
Bələdiyyələrlə bağlı görülmüş tədbirlər barədə hesabatda müəyyən məlumatlar var, amma icra orqanları ilə bağlı heç bir məlumat yoxdur. Əslində, Mərkəzin səlahiyyəti yoxdur ki, icra orqanlarının fəaliyyətinə müdaxilə eləsin. İndi biz bələdiyyələrin fəaliyyətinə nəzarət eləyən orqanın hesabatını dinləyirik. Amma icra orqanları (söhbət yerli icra hakimiyyətlərindən gedir) parlament qarşısında hər hansı formada hesabat vermirlər. Dünyanın bir çox ölkələrində hətta prokurorluq orqanları da Ədliyyə Nazirliyinə tabedir. Ədliyyə Nazirliyi istənilən orqanın fəaliyyətini yoxlaya bilər, onun fəaliyyətində qanunların aliliyinin nə dərəcədə təmin olunmasına nəzarət funksiyasını yerinə yetirə bilər. Ona görə mən təklif edərdim ki, əgər söhbət bələdiyyələrlə bağlı yeni qanunların qəbul olunmasından, fəaliyyətlərinin təkmilləşdirilməsi üçün müəyyən tədbirlərin həyata keçirilməsindən gedirsə, biz gələcəkdə bunları nəzərə alaq.
Bələdiyyələrlə İş Mərkəzinə müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulmalıdır ki, müvafiq qanun pozuntuları ilə əlaqədar onlar yerli icra hakimiyyəti orqanlarının da fəaliyyətini yoxlaya bilsinlər, bununla bağlı hər hansı formada hesabat versinlər. Tutaq ki, yerli icra hakimiyyəti orqanı bələdiyyənin fəaliyyətini yoxlayır, amma icra hakimiyyətinin fəaliyyətinə hər hansı formada müdaxilə olunmur. Müəyyən qanunsuzluqların qarşısını almaq üçün belə səlahiyyətlər də nəzərdə tutulmalıdır.
Burada maraqlı məsələ ondan ibarətdir ki, hökumət parlament qarşısında hesabat verir. Amma hökumətin struktur vahidi olan Ədliyyə Nazirliyi parlament qarşısında ayrıca hesabat verir. Biz bələdiyyələrin fəaliyyətinə nəzarətin önəmli olduğunu nəzərə alaraq, vaxtı ilə qanunvericiliyə belə bir müddəa salmışıq. Ona görə də mən bunu müəyyən mənada düzgün hesab eləmirəm. Çünki hökumət hesabat verəndə Ədliyyə Nazirliyi də hökumətin üzvü kimi, öz fəaliyyəti ilə bağlı hesabat verməlidir. Bu da təkcə bələdiyyələrlə yox, digər sahələrlə də bağlı olmalıdır.
Ümumiyyətlə, mən təklif edirəm ki, idarəetmə ilə bağlı ölkədə struktur islahatları davam etdirilməlidir. İndi yeni nazirliklər yaranır, struktur vahidləri formalaşdırılır. Bu yaxınlarda “Avtoservis”lə bağlı Prezidentin fərmanı oldu. Azərbaycanda yeni bir struktur vahidi yaradılmalıdır. Bu, nazirlik formasında da, dövlət agentliyi formasında da ola bilər. Bələdiyyələrlə və qeyri-hökumət təşkilatları ilə iş üzrə ya nazirlik, ya komitə, ya da agentlik olmalıdır. Buna çox böyük ehtiyac var. Mən əvvəllər də bu məsələni qaldırmışdım. Bilirəm ki, hökumətdə bu istiqamətdə müəyyən müzakirələr gedir. Amma həmin islahatlar sürətləndirilməlidir. Qeyri-hökumət təşkilatlarına da, bələdiyyələrə də dövlət kömək eləməlidir.
Biz büdcədən bələdiyyələrə vəsait ayırdıq. Bu, kifayət qədər az vəsaitdir. İndi Bakıda nəqliyyatla bağlı yaranmış problemlərin həll olunması üçün dövlət kifayət qədər pul ayırıb. Keçidlər, körpülər tikilir. Amma şəhərin mərkəzində heç bir iş adamı istəmir ki, avtodayanacaq tiksin. Ona görə yolun sağ-solunda iş yerinə gələn insanlar avtomobillərini saxlayır və bu problemlər aradan qalxmır. Amma biz ayrıca vəsait ayırsaq, şəhərin mərkəzində dayanacaq tikilsə, yollardan avtomobillər yığışdırılar və yollar genişlənər. Bununla da nəqliyyatla bağlı müəyyən problemlər öz həllini tapmış olar.
Mən də o fikirdəyəm ki, bələdiyyələrin statusu artırılmalıdır. Yeni bələdiyyələrin yaradılması praktikasına son qoyulmalıdır. Əksinə, Bakı şəhər bələdiyyəsi formalaşdırılmalıdır, səlahiyyətləri genişləndirilməlidir. Harada bir balaca bələdiyyənin büdcəsini böyütmək üçün pullu yer varsa, icra orqanları tez ora əl qoyur. Vaxtı ilə reklam bazarı (xüsusi ilə Bakı şəhərində bu çox gəlirli sahədir) bələdiyyələrə verilmişdi. Amma sonradan Bakı Şəhər İcra Hakimiyyəti reklamı onların əlindən aldı, həmin vəsaitləri özləri toplamağa başladılar və bələdiyyələri əsas gəlirlərindən məhrum elədilər. Amma yenidən biz bu məsələyə qayıtmalıyıq.
Kommunal təsərrüfatla bağlı bələdiyyəyə bir çox səlahiyyətlər verilməlidir. İmkan yaradılmalıdır ki, bələdiyyələr vergiləri toplayıb, həmin problemləri həll eləyə bilsinlər. Oqtay müəllim, indi nə baş verir? Bələdiyyələrin topladığı azsaylı vəsait də bələdiyyə üzvlərinin əmək haqqına yönəldilir. Belə çıxır ki, biz vətəndaşların üzərinə əlavə vergi yükü qoymuşuq, bələdiyyələr vergi toplayır və özləri üçün maaş müəyyənləşdirirlər.
Mən hesab edirəm ki, əslində, biz vətəndaşların vergi yükünü artırmamalıyıq. Həmin vergilər alınırsa, bölgədəki problemlərin həllinə yönəldilməlıidir. Sonda qeyd eləmək istəyirəm ki, regional nəzarət orqanları yaradılmalıdır. Doğrudan da, yerlərdə qanunsuz fəaliyyətlə məşğul olurlar. Onlar barəsində daha ciddi ölçü götürülməlidir. Bir çox hallarda da onları bu qanunsuz fəaliyyətə icra orqanları sövq eləyirlər. Mərkəzə imkan verilməlidir ki, onları da paralel olaraq məsuliyyət məsələsini ortaya qoysun.
Sədrlik edən. Sağ olun. Səfər Məmmədov.
S. Məmmədov. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarım kimi məruzəni diqqətlə oxumuşam və izləmişəm. Demək olar ki, iki dəfə oxumuşam. Mən bir bələdiyyə üzvü kimi, yəni uzun müddət bələdiyyədə çalışan bir insan kimi gördüm ki, məndən qabaq çıxış eləyən yoldaşların bələdiyyə işindən heç anlayışı yoxdur.
Əsasən, bələdiyyədə məni razı salan nədir? Axı, bələdiyyələrə o səlahiyyət verilmir ki, torpaq versin, satsın, tikinti aparmağa sərəncam versin. Bələdiyyələrin belə bir səlahiyyəti yoxdur. Mən yeddi il bələdiyyə üzvü olmuşam. Mən hələ görməmişəm ki, torpaq verək, yaxud hansısa tikintiyə torpaq ayıraq. Biz, sadəcə olaraq, fikrimizi bildiririk, protokol veririk ki, bunu vermək olar, yaxud olmaz. İcra hakimiyyətləri var, torpaq şöbələri var, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi var, bunun alğı-satqı arayışı var. Bu elə-belə deyil ki, bələdiyyələr bunu satsın.
Mən bu məruzəni diqqətlə oxumuşam. Burada şəhər bələdiyyəsinin heç adı çəkilmir. Bələdiyyələrin heç oturmağa stolu yoxdur. Yarım hektar torpağı qalmayıb. Hamısı sərəncamlarla qaçqınlara, məcburi köçkünlərə, pay torpağı şoran yerlərə düşmüş insanlara paylanıb. Bələdiyyələr də sakit oturublar. Yalnız torpaq vergisi yığmaqla öz əmək haqlarını ödəyirlər, bəzən də ödəyə bilmirlər.
Mən bələdiyyələrin hesabatlarında, ərazi nümayəndələrinin hesabatında iştirak eləmişəm. Beyləqan rayonunda icra başçısının hesabatında iştirak eləmişəm. Prezidentin İcra  Aparatından məsləhət biliblər, iştirak eləmişəm. Orada da söhbətlər gedib. Məruzə hazırlanıb, əziyyət çəkilib. Amma bu məruzəyə ədliyyə naziri Fikrət Məmmədov kimi təcrübəli bir adamın qol çəkməsi, düzü, təəccüb yaradır.
Yenə deyirəm, kənd bələdiyyələrini niyə bu qədər yıxıb sürüyürlər? Niyə bunları bu qədər sıxırlar? Axı, rayon, kənd bələdiyyələrində nə var? Niyə Bakı şəhərinin heç bir bələdiyyəsinin adı çəkilmir? Bu qədər torpaq hasara alınır, dənizin sahilindən belə hər tərəf müsadirə olunub. Yoxlama aparılır, qoy burada da yoxlama aparsınlar. Onsuz da rayon bələdiyyələri elə gərgin vəziyyətdədirlər ki, çoxu başını götürüb qaçır, işləmək istəmir. Ərizə yazır, deyir ki, qardaş, mənə lazım deyil, kəndçimlə üz-üzə gəlirəm, qohumla üz-üzə gəlirəm. Bu nə məsələdir? Bir çox məsələlər var ki, açılmır. Bu torpaq kimə satılır, bunu kim satır? Əgər yoxlama aparılsa, bələdiyyənin bir sənədi çıxa bilər, o da protokol formasıdır, vəssalam. Onun ikinci sərəncamı çıxa bilməz, başqa sənəd çıxa bilməz. Çünki bunun xəritəsi çəkilir, yerə baxılır, ölçülür. Yenə deyirəm, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə arayış göndərilir, alğı-satqı aparılır. Torpağın xəritəsi çəkilir, yararlı və ya yararsız olduğu müəyyənləşdirilir. Yoxsa burada yazırıq ki, Biləsuvarda, Sabirabadda, Saatlıda filan bələdiyyə bu qədər cinayət eləyib.
Çox üzr istəyirəm, şəxsən mənim 7 hektar torpağım var. Əgər rayonlarda, kəndlərdə torpaq bu qədər qiymətlidirsə, mənim 7 hektar pay torpağımı Bakı şəhərində 2 sot torpağa dəyişirəm. 7 hektar verirəm, 2 sot mənə torpaq versinlər. Torpağın hektarını 100 dollara da alan yoxdur. Torpaq boş-boşuna qalıb, şoranlaşıb. Bunu hansı bələdiyyə satır? Necə satır? Kim buna pul verir? Min hektarlarla yerlər, qışlaqlar qalıb. Heç kim yiyə durmur.
Ona görə də məruzə hazırlayanda, danışanda bir az ədalətli danışmaq lazımdır. Bu ayrı-seçkiliyə son qoymaq lazımdır. Bir də deyirəm, bu məruzə məni razı salmır. Heç olmasa, növbəti dəfə bu məsələyə diqqətlə yanaşılsın. Rayon bələdiyyələrini, adamları bu qədər sıxmaq, tənqid eləmək olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 1995-ci il Konstitusiyasından sonra Azərbaycanda bələdiyyələrlə əlaqədar Qanun qəbul olundu. 1999-cu ildən bu yana Azərbaycanda bələdiyyələr, faktiki olaraq, fəaliyyət göstərir. Keçən səkkiz il ərzində Azərbaycan dövləti tərəfindən, o cümlədən Milli Məclis tərəfindən bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 20-yə yaxın qanun və normativ akt qəbul olunub.
Ədliyyə Nazirliyinin hesabatında 2006-cı ildə bələdiyyələrin gördüyü işlər, həmçinin qeyri-qanuni hərəkətləri barədə müəyyən məlumat aldıq. Mən hesab edirəm ki, keçən müddət ərzində Azərbaycan dövlətinin demokratik idarəetmə sistemində bələdiyyələrin müəyyən qədər rolu artıb. Bələdiyyələrin işinə nəzarət idarəsi tərəfindən həyata keçirilən yoxlamalarda müəyyən müsbət hallar olduğu kimi, mənfi çalarlar da artıq özünü göstərməkdədir.
Bayaq məndən qabaq həmkarım Səfər müəllim çıxışında bəzi məsələləri qeyd elədi. Onun çıxışına o qədər də toxunmaq istəmirəm. Amma nəzərə almaq lazımdır ki, istər rayonlarda, istərsə də şəhərlərdə bələdiyyələrin protokolu olmadan heç bir torpaq bölüşdürülə bilməz. Yəni bələdiyyə istəmirsə, protokol verməməlidir. Amma buna baxmayaraq, bələdiyyələrin protokolu əsasında bütün torpaqlar bölüşdürülüb. Bayaq hesabatda qeyd olunduğu kimi, hesab edirəm ki, hüquqi cəhətdən müəyyən çatışmazlıqlar var. Seminarların keçirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradılmasına, xarici dövlətlərə ezamiyyətə getmələrinə baxmayaraq, bələdiyyələr hüquqi cəhətdən, faktiki olaraq, öz statuslarını dəqiq anlaya bilmirlər. Onlar elə başa düşürlər ki, yalnız torpaqları bölüşdürməklə, qeyri-qanuni tikintilərə icazə verməklə missiyaları başa çatır. Əlbəttə, uzağa getmək lazım deyil, sadəcə, Bakı şəhərində baş alıb gedən özbaşınalığa fikir vermək lazımdır.
Təsəvvür edin ki, Bakı şəhərində elə bir elektrik xətti, elə bir qaz kəməri, neft kəməri qalmayıb ki, onun üzərində ev tikilməsin. Hazırda son vaxtlar dövlət təşkilatları həmin evlərin sökülməsi, aradan götürülməsi haqqında müəyyən tədbirlər işləyib hazırlayırlar. Amma bütün bunlar hamısı vaxtı ilə bələdiyyələrin razılığı ilə həyata keçirilib, yəni onların verdiyi protokollara əsasən həmin evlər tikilib. Ümumiyyətlə, Bakının vəziyyəti ayrıca bir mövzudur. Bakının taleyi hamı kimi, millət vəkillərini də narahat edir.
Bələdiyyələrin hesabatından danışanda mən qeyd eləmək istəyirəm ki, onların maliyyə məsələsinə ciddi nəzarət eləmək lazımdır. Yəni bələdiyyələrin maliyyə yığımına nəzarət eləsək, görərik ki, qəbul olunmuş qanunlara uyğun olaraq, onların maliyyə yığımı olduqca azdır. Həmin maliyyə yığımı ilə rayonda, kənddə böyük işlər görmək qeyri-mümkündür. Ona görə də mənə elə gəlir ki, bələdiyyələr haqqında qanuna müəyyən dəyişikliklər edib, maliyyə məsələsinə yenidən fikir vermək lazımdır. Bayaq qeyd elədiyim kimi, ümumiyyətlə, bələdiyyələrin statusuna yenidən baxmaq lazımdır.
Mənim həmkarım Fazil Mustafayev burada tamamilə düzgün qeyd elədi. Artıq Azərbaycanda elə bir inkişaf səviyyəsi gedir ki, idarəetmədə müəyyən struktur dəyişiklikləri etməyin vaxtı çatıb. Yəni icra orqanları ilə bələdiyyələr arasında vəzifə bölgüsünün konkret sərhədlərini müəyyən eləmək lazımdır. Faktiki olaraq, bələdiyyələr icra orqanlarının bir şöbəsinə çevrilmişdir. Rayonlarda, Bakının özündə protokolu qəbul eləsə də, yəni torpağı versə də, icra orqanının razılığı olmadan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, Torpaq şöbəsində qeydiyyatdan keçmir. Beləliklə, həmin torpaq heç kimə verilmir.
Uzağa getmək lazım deyil, adicə, Türkiyədən örnək götürmək lazımdır. Türkiyədə bələdiyyə başqanları sərbəst fəaliyyət göstərirlər. Necə deyərlər, rayonun, şəhərin, qəsəbənin problemlərini bələdiyyələr həll edirlər. Heç bir icra orqanı onların işinə qarışmır. Ona görə də hesab edirəm ki, qanunda müəyyən dəyişikliklər etmək, bələdiyyələrlə əlaqədar çoxlu seminarlar keçirib hüquqi cəhətdən onları maarifləndirmək lazımdır.
O ki qaldı Ədliyyə Nazirliyinin hesabatına, mən hesab edirəm ki, qısa müddət ərzində, yəni 7-8 il ərzində bələdiyyələr müəyyən işlər görüb. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən müəyyən işlər həyata keçirilib. Amma bunu qənaətbəxş hesab etmirəm. Ədliyyə Nazirliyi bu işi daha da gücləndirməlidir. Yalnız cinayətə cəlb eləməklə işi bitmiş hesab etmək olmaz. Elə etmək lazımdır ki, qabaqlayıcı tədbirlər görmək vasitəsi ilə cinayət əməlinin qarşısını almaq mümkün olsun.
Ümumiyyətlə, hesab edirəm ki, bələdiyyələr Azərbaycanın ictimai həyatında, dövlət idarəetmə sistemində struktur kimi artıq formalaşmağa başlayıb və onlara kömək etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ədliyyə Nazirliyinin təqdim elədiyi sənədi məqbul hesab edirəm. Burada bilavasitə bələdiyyələrə nəzarətin vacib məqamları öz əksini tapıb, görülən işlər sistemli şəkildə göstərilib. Eyni zamanda, müəyyən təkliflər də verilib. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ədliyyə Nazirliyinin təqdim elədiyi sənəd kifayət qədər mükəmməldir.
Eyni zamanda, bələdiyyələrlə bağlı bir sıra fikirlərimi də bildirmək istəyirəm. İlk növbədə qeyd eləmək istəyirəm ki, kommunist məkanında bələdiyyələrin ən gec formalaşdığı ölkələrdən biri Azərbaycandır. Ona görə də məhz sovet sistemi dağılandan sonra yeni yaradılan bələdiyyələr barədə müəyyən qədər təcrübə var idi. Bu nöqteyi-nəzərdən başqa ölkələrdən həmin müsbət təcrübəni də götürüb, eyni zamanda, mənfi təcrübəni araşdırıb, daha mükəmməl bələdiyyə modelini tətbiq eləyə bilərdik. Amma təəssüflər olsun ki, yenə də sovet məkanında tərtib olunan, formalaşan bələdiyyələrin iş prinsipini təkrar elədik.
Ədliyyə Nazirliyinin bugünkü hesabatında göstərilən nöqsanlı cəhətlərin xeyli hissəsi onunla bağlıdır ki, biz ciddi bir stereotipdən uzaqlaşa bilmədik. Raykom, ispolkom münasibətləri daha primitiv formada yerli icra orqanı ilə bələdiyyələr arasında təkrar olundu, necə deyərlər, bələdiyyələr yerli icra orqanının əlavəsinə çevrildi. Bu nöqteyi-nəzərdən bələdiyyələrin fəaliyyətinin səmərəliliyi aşağıdır. Bu səmərəliliyi artırmaq üçün hesab edirəm ki, həm qanunvericilikdə dəyişikliklər etmək, həm də maliyyə xarakterli bir sıra tədbirlər görmək vacibdir. İlk növbədə, əgər biz bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq istəyiriksə, konseptual xarakterli bir problem həll olunmalıdır. Yəni idarəetmənin təşkilati quruluşu qəbul edilmiş qanunları və yeddi ildən artıq qazanılmış təcrübəni obyektiv surətdə təhlil etməklə təkmilləşdirilməlidir. Bilavasitə bütün dünyada məlum olan hüquqlar qalmalı, əhalinin tələbatı ilə bağlı olan məsələlər isə yerli icra orqanlarından fiziki və hüquqi şəxslərə verilməlidir. Bu konseptual baxış qəbul olunarsa, onda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması barədə danışmaq olar.
İkinci cəhət bələdiyyələrlə yerli icra orqanlarının səlahiyyətlərindəki qeyri-müəyyənliyin aradan qaldırılması məsələsidir. Ola bilər ki, Azərbaycanın qanunvericiliyində bu məsələ barədə müəyyən dərəcədə aydınlıq var. Amma real həyatdan söhbət gedəndə bələdiyyələrin səlahiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində əlavə tədbirlərin görülməsinə böyük ehtiyac var.
Üçüncü məsələ. Ümumiyyətlə, bələdiyyələrlə bağlı qəbul etdiyimiz qanunvericilik praktikası nöqteyi-nəzərindən, eyni zamanda, Avropa strukturlarına inteqrasiya kontekstində onlar təkmilləşdirilməlidir. Bu nöqteyi-nəzərdən yerli özünüidarəetmə ilə bağlı bizim qanunlarımızın xeyli hissəsində Avropa Xartiyası ilə üst-üstə düşməyən məqamlar var. Hesab edirəm ki, əlaqədar təşkilatlar bu istiqamətdə ciddi təhlillər aparmalı, onların aradan qaldırılması istiqamətində müəyyən işlər görməlidirlər.
Vacib hesab elədiyim başqa bir məsələ bilavasitə bələdiyyələrin fəaliyyətindəki nöqsanlarla bağlıdır. Əlbəttə, bu nöqsanların həm obyektiv tərəfləri, həm də subyektiv tərəfləri var. Çünki bələdiyyələr haqqında danışanda biz həmin problemləri bir neçə hissəyə bölməliyik.
Birincisi, burada qeyd edildiyi kimi, məsələyə konseptual yanaşanda bələdiyyələrin problemləri qanunvericilik sahəsində bələdiyyələrin statusunun müəyyənləşdirilməsində olan müəyyən boşluqlarla bağlıdır. Eyni zamanda, bilavasitə bələdiyyələrin özlərinin qanunla müəyyən olmuş hüquqlarının hələ də bələdiyyələrə verilməməsi ilə bağlı məsələlər var. Burada ən ciddi məsələ bələdiyyələrin maliyyə təminatı ilə əlaqədardır.
Müqayisə üçün qeyd eləyim ki, əksər ölkələrdə büdcənin təxminən 30 faizi, Şərqi Avropanın keçmiş kommunist məkanına aid olan ölkələrində 20-25 faizi, postsovet məkanında, məsələn, Rusiyada 20 faizədək bələdiyyələr vasitəsi ilə bölünür. Amma Azərbaycanda yuvarlaqlaşdırsaq, bu rəqəm 1 faizdən o yana getməyəcək. Əgər söhbət maliyyə vəsaiti büdcənin 1 faizini təşkil edən bələdiyyə fəaliyyətindən gedirsə, təbii ki, bu fəaliyyətin özünü də məqbul hesab eləmək olar. Çünki məhdud maliyyə çərçivəsində böyük işlər görmək mümkün deyil.
Məsələ bundadır ki, həmin maliyyəni artırmaqla bələdiyyələrin səmərəliliyini artırmaq mümkündürmü? Mən bu suala birmənalı cavab verə bilmərəm.
Bu sahədə ciddi islahatlarla paralel vahid prinsip olmalıdır. Həm bələdiyyə sahəsində islahatlar həyata keçirilməli, həm də onun maliyyə təminatının yaxşılaşdırılması istiqamətində işlər görülməlidir.
Vergi sahəsində islahatların həyata keçirilməsini, həmçinin vergi yükünün tədricən bələdiyyələrin xeyrinə dəyişdirilməsi məsələsini ortaya atmaq istərdim. Hesab edirəm ki, Bakı şəhərini çıxmaq şərti ilə ölkənin yerdə qalan hissəsi bu cür dotasiyada oturmur. Bu da bilavasitə vergi sisteminin ifrat dərəcədə mərkəzləşməsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, torpaq vergisi ilə yanaşı, bir sıra ölkələrin təcrübəsindən çıxış edərək, vergi sistemində dəyişikliklər eləməklə, yəni vergilərin müəyyən hissəsini yerli orqanlarda saxlamaqla onların maliyyə müstəqilliyini müəyyən dərəcədə təmin eləmək olar. Bu da bələdiyyələrin fəaliyyətinin müsbət yöndə dəyişməsinə təsir göstərə bilər.
Avropada bələdiyyələrin çoxillik fəaliyyətinin təcrübəsi göstərir ki, hətta bu istiqamətdə klassik modellərə üstünlük verən ölkələr də artıq bələdiyyə fəaliyyətinə tənqidi yanaşır, onların təkmilləşdirilməsi istiqamətində addımlar atırlar. Məsələn, Böyük Britaniyada bu istiqamətdə atılan ən ciddi addımlardan biri bələdiyyələrin iriləşdirilməsi məsələsidir. Azərbaycan kimi balaca bir ölkədə 2757 bələdiyyə həddən artıq çoxdur. Bələdiyyə fəaliyyəti haqqında nə qədər mükəmməl qanun qəbul olunsa da, yuxarıda nə qədər təkmil idarəetmə sistemi tətbiq olunsa da, 2757 bələdiyyənin fəaliyyətini təmin eləmək həddindən artıq çətin məsələdir. Ona görə də bu istiqamətdə düşünməyə ehtiyac var.
Bu sahədə vacib olan məsələlərdən biri də bələdiyyələrin öz səlahiyyətlərindən sui-istifadə hallarıdır. Onun da bir hissəsi Ədliyyə Nazirliyinin təqdim elədiyi sənəddə göstərilib. Amma bir hissəsi açıq deyilməlidir. Bələdiyyə öz fəaliyyətini səmərəli qurmadığına görə onların işləri ilə bağlı sənədlər Prezidentin İcra Aparatına, Milli Məclisə, bilavasitə deputatlara gəlir. Həmin sənədlərlə tanış olanda görünür ki, onların onda doqquzu bilavasitə bələdiyyələrin işinə aiddir, amma deputatlara göndərilib. Bələdiyyələrlə deputatların, Milli Məclislə bələdiyyələrin fəaliyyətinin uzlaşdırılması, eyni zamanda, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bələdiyyələrin uzlaşdırılması mühümdür.
Burada nəzarət mexanizmindən danışıldı. Əgər bələdiyyələri xalq seçirsə, burada inzibati nəzarətdən çox, ictimai nəzarətə üstünlük verməyi vacib hesab edirəm. Beləliklə, xalqın seçdiyi strukturu inzibati orqan tamamilə nəzarət altında saxlayır. Burada ictimaiyyət, vətəndaşlar, onu seçənlər nəzarət altında saxlasa, ictimai nəzarət şəffaflığın artmasına kömək eləyər və bu da bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərmiş olar.
Ümumiyyətlə, mən hesabatı məqbul hesab edirəm. Məncə, burada nəzərdə tutulan tədbirlər bələdiyyələrin fəaliyyətinin təkmilləşməsinə kömək edə bilər.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun, cənab Sədr. Bu gün müzakirə olunan məsələ çox böyük əhəmiyyətə malikdir. İstər idarəetmə sistemində, istər bələdiyyələrin səlahiyyətində, istərsə də yerli idarəetmə sistemində demokratik ənənələrin, demokratik idarəetmə sisteminin təkmilləşdirilməsi olduqca vacibdir.
Burada çox gözəl, dəyərli fikirlər söylənildi. Onların böyük əksəriyyəti bizim həyatımızın reallıqlarıdır. Burada çoxlu qüsurlar deyilir. Biz həmin qüsurların nə ilə əlaqədar olduğuna diqqət yetirməliyik. Necə edək ki, bunları aradan qaldıraq? Ümumiyyətlə, bələdiyyə sistemində idarəetmənin maddi vəziyyəti necədir? Dünyada bu proses necə gedir? Biz bunu necə yaxşılaşdıra bilərik?
Burada söylənildiyi kimi, son vaxtlar bələdiyyələrin üç assosiasiyası yaradılıbdır. Cənab Sədr, deyilən fikirlərlə mən də razıyam Çünki qəsəbə, kənd assosiasiyalarının yerlərdə idarə edilməsində çox böyük problemlər var. Biz bələdiyyələrə səlahiyyət verilməsindən danışırıq. Axı, bunların təşəbbüsləri əlaqələndirilməlidir. Misal üçün, birində olan artıq texnikadan digərinin istifadə eləməsi, birində olan əmək ehtiyatlarından digərlərinin də istifadə eləməsi mümkündür. Əksinə, biz bunların kompakt şəkildə idarə edilməsinə şərait yaratmaq əvəzinə, məsələn, Masallıdakı qəsəbə bələdiyyəsi ilə Qusardakı bələdiyyənin idarə edilməsinə assosiasiya nəzarət edəcək. Bu, əslində, pərakəndəliyə və idarəedilməzliyə gətirib çıxaracaqdır.
Mən güman edirəm ki, bu məsələyə yenidən qayıdılmalıdır. Bu assosiasiya regional sistemdə olsa, daha çox səmərə verər. Məsələn, Şimal assosiasiyası, yaxud Qərb bölgəsində bir neçə rayon assosiasiyası yaratmaq mümkündür. Bu cür yaradılsa, daha yaxşı olar, nəinki qəsəbə, yaxud kənd assosiasiyası. Deputat həmkarlarımız da bu məsələ barədə öz fikrini deyər. İndiki vəziyyət hər şeydən əvvəl onların təşəbbüsünə, təcrübənin mənimsənilməsinə, əmək ehtiyatlarının səfərbər edilməsinə, idarəçiliyə problem yaradır.
Burada qeyd olundu ki, ümumiyyətlə, yerli əhali bələdiyyənin hüquq və vəzifələrini yaxşı bilmir. Onda biz nəyi tələb edə bilərik? Bunlardan biri də maarifləndirmə məsələsidir. Deyildiyi kimi, 40-45 min bələdiyyə üzvündən 180 nəfəri kurslarda iştirak edib. Bu, qənaətləndirici göstərici deyil. Bu barədə Azay Quliyev gözəl bir fikir söylədi. Hökm deyil ki, bunu hər hansı bir orqan təşkil eləsin. Bizim minlərcə qeyri-hökumət təşkilatları var, onlar mühasibat kursları, kompüter kursları təşkil eləyə bilərlər. Kəndlərdə yerli sosial həyatla məşğul olan qeyri-hökumət təşkilatları var. Onlar bu işlərə cəlb oluna bilər. Bələdiyyələr hətta əmlakının dəyərini bilmir. Burada belə bir fakt söylənildi. Misal üçün, beş kənddə bir hektar torpağın satış qiymətini müqayisə eləyəndə görürsən ki, keçən il iki dəfə ucuz qiymətə satılıbdır. Nə üçün? Torpaq ildən-ilə bahalaşır. Səbəbi nədir? Bu düzgündürmü? Əlbəttə, düzgün deyil. Bu, neqativ haldır. Biz daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi məsələsinə diqqət yetirə bilərik. Çox zaman bəzi orqanlar bizim informasiyanı götürürlər. Auditor, mühasibat orqanları ondan istifadə edirlər. Bunu bazar dəyəri kimi qəbul eləmək mümkün deyil. Onun marağı olubdur. Açıq deyək, 10 min dəyəri varsa, 5 minə satıbdır. Ona görə də bu istiqamətdə müəyyən maarifləndirmə işləri aparılmalıdır.
Mən burada bir qədər bələdiyyələrin səlahiyyəti ilə əlaqədar söz demək istəyirəm. Biz idarəetmə sistemində müəyyən nöqsanların olduğunu deyirik. Burada bəzilərimiz hesabatla əlaqədar haqlı-haqsız müəyyən fikirlər söylədik. Amma bələdiyyələrin hələlik vahid mərkəzdən idarəetmə sistemi yoxdur.
Cənab Sədr, 1999-cu ildə bələdiyyə sədri, bələdiyyə üzvü seçilməyə maraq vardı. Sizi inandırıram, indi maraq yoxdur. Müəyyən torpaqlar vardı. İcra hakimiyyəti tərəfindən, yaxud kiminsə tərəfindən verilib. İndi onlar həmin vergini də toplaya bilmirlər. Əgər hər hansı deputat gedib onların iş otağında bir həftə otursa, bilər ki, onların vəziyyəti necədir. Bələdiyyələrin, yerli orqanların vəziyyəti yaxşı deyil. Onların vəsaiti yoxdur, vergini yığa bilmirlər. Açıq etiraf eləyək, onlara bəzən təzyiqlər göstərilir. Ona görə də mən hesab edirəm ki, mərkəzin nəzarət orqanı olmalıdır. Nəzarət eləməlidir ki, görək, bu vəsait təyinatı üzrə xərclənirmi? Büdcədən dotasiya verilir, vergilər yığılır. Bunlar hansı istiqamətdə xərclənir? İcra hakimiyyətinin, bələdiyyə qurumunun özünün günahı üzündənmi nöqsanlar baş alıb gedir? Ona görə də mərkəzin nəzarəti olmadan bu işlərin qaydaya salınması mümkün deyil. Biz burada deyirik. İndi Ədliyyə Nazirliyinin nəzdindəki Mərkəzdən çox şeylər umuruq. Amma görün, onun səlahiyyəti varmı, getsin, nəzarət eləsin, baxsın. Hansısa bir nəzarət orqanının səlahiyyəti varmı? Kimin günahıdır? Mərkəzin belə bir nəzarət hüququnun olması məqsədəuyğundur.
Ümumiyyətlə, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan hesabatı bugünkü dövr üçün qənaətbəxş hesab eləmək olar. Eyni zamanda, onlar da özlərinin səlahiyyətləri daxilində bu və ya digər işlərə formal müdaxilə etməməlidirlər. Yerlərdə bələdiyyələrin hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsindən vəsait ayrılıbdır. Həmin vəsait xərclənibmi? Bu istiqamətdə onların səlahiyyətlərinin artırılmasına da ehtiyac vardır.
Ümumiyyətlə, bələdiyyələrin idarəetmə sistemində dünya təcrübəsinin öyrənilməsi lazımdır. Bununla yanaşı, mən bugünkü hesabatı qənaətbəxş hesab edirəm və güman edirəm ki, bizim hörmətli deputatlarımız da hesabata məqbul fikir bildirəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən burada bəzi həmkarlarımızın belə bir fikri ilə razı deyiləm ki, guya Azərbaycanda bələdiyyələrin işinin səviyyəsi aşağıdır, yaxud bələdiyyələrə nəzarət funksiyasını həyata keçirən Ədliyyə Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti qeyri-qənaətbəxşdir. Qətiyyən bunun tərəfdarı deyiləm və fikrimi əsaslandırmaq üçün kifayət qədər arqumentlər mövcuddur.
İlk növbədə, bələdiyyələr yeni institutdur. Onun vur-tut 7 yaşı var və 7 illik tarixə malik olan bələdiyyə institutunun səviyyəsini bu gün Avropa ölkələrində olan bələdiyyələrlə eyniləşdirməyin özü ədalətsizlikdir, haqsızlıqdır. Bələdiyyələr bu gün inkişaf eləyir, təşkilatlanır.
Hesab etmək lazımdır ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bələdiyyə institutu artıq Azərbaycanın ictimai həyatında fəal rol oynamağa başlayır, yerlərdə demokratik proseslərin inkişafında öz üzərinə düşən missiyanı uğurla yerinə yetirir. Digər tərəfdən yerlərdə, kəndlərdə, rayonlarda sosial problemlərin həllində öz fəallığını getdikcə gücləndirir. Bu faktdır. Bəli, vur-tut 7 illik iş təcrübəsinə malik olan bələdiyyə institutunun fəaliyyətində bu və ya digər nöqsanların olması təbiidir. Bunu təbii qarşılamaq lazımdır.
Mənə belə gəlir ki, problemin kökündə bələdiyyələrin öz hüquqlarını kifayət qədər bilməməsi, onun reallaşmasında iradəsini ortaya qoymaması dayanır. Bələdiyyələrin səlahiyyətləri bələdiyyələrin statusunda müəyyənləşdirilib. Orada dəqiq sərhədlər müəyyənləşib ki, bələdiyyələr hansı statusa malikdir, onun hansı hüquqları var, eyni zamanda, icra orqanları ilə onun fəaliyyəti necə qurulmalıdır, necə tənzimlənməlidir. Bunların hamısı “Bələdiyyələrin statusu haqqında” Qanunda, habelə bələdiyyələrlə bağlı digər qanunvericilik aktlarında kifayət qədər aydın və dəqiq şəkildə ifadə olunubdur.
Sadəcə olaraq, bəzi rayonlarda icra başçıları özünün səlahiyyətlərindən istifadə edərək, bir sıra hallarda bələdiyyələrin səlahiyyətlərini mənimsəməyə çalışırlar. Çox təəssüf ki, bələdiyyə sədrlərinin zəifliyindən onlar bu işə nail olurlar. Lakin bunu ümumiləşdirməyin özü də düz olmazdı. Əksər bələdiyyələr bu gün öz işlərini düzgün qurmağa başlayıblar. Sadəcə olaraq, hüquqi maarifləndirmə işini gücləndirmək lazımdır ki, bələdiyyələr özlərinin səlahiyyətlərini dəqiq bilsinlər. Bu səlahiyyətləri yerinə yetirmək üçün onlar özlərinin iradələrini ortaya qoymalıdırlar.
Bu gün bələdiyyələr inkişaf etməkdədir. Bələdiyyələrin ən böyük problemi onların maliyyə mənbələrinin məhdudluğundadır. Əsasən, dotasiya ilə yaşayan bələdiyyələrin maliyyə imkanlarının məhdudluğu problemlərin həllinə onların kifayət qədər müdaxilə etməsinə imkan vermir.
Burada hörmətli Arif müəllim tərəfindən də bu fikir səsləndi. Mən də onun tərəfdarıyam ki, onların maliyyə mənbələri artırılmalıdır. Məsələn, bu gün Bakı şəhərində, yaxud Azərbaycan Respublikasının digər şəhərlərində mənzil-istismar idarələri fəaliyyət göstərir. Etiraf edim ki, bunların fəaliyyəti bu gün bizə bəlli deyil. Əslində, nə ilə məşğul olduqlarını heç onların özləri də bilmirlər. Bu gün bu məsələdə müəyyən dərəcədə boşluq var. Ola bilsin ki, mənzil istismar idarələrinin müəyyən funksiyalarının bələdiyyələrə verilməsi məqsədəuyğun olardı. Başqa ölkələrdə olduğu kimi, məişət tullantılarının yığılmasını, toplanmasını, zərərsizləşdirilməsini və emalını bələdiyyələrə vermək mümkündür. Bununla onlar vəsait əldə eləyə bilərlər. Eyni zamanda, bu vəsait yerlərdə sosial problemlərin həllində ciddi rol oynaya bilər.
Sözümün sonunda bələdiyyələrlə bağlı bu gün təqdim edilən hesabatı müsbət qiymətləndirirəm. Hesabat kifayət qədər səviyyəli hazırlanıbdır. Burada əldə edilən uğurlar göstərilib, mövcud nöqsanlar üzərində dayanılıbdır. Eyni zamanda, ayrı-ayrı bələdiyyələrlə bağlı Ədliyyə Nazirliyinin müvafiq strukturlarının həyata keçirmiş olduğu inzibati nəzarətlə bağlı addımlar da öz ifadəsini tapıbdır.
Yaddan çıxarmaq olmaz ki, bələdiyyələr hələ yetərincə müstəqil fəaliyyət gücünə, imkanına, səviyyəsinə malik deyil. Onlar üzərində inzibati nəzarəti gücləndirmək lazımdır. Mən ümidvaram ki, kifayət qədər yaxşı tanıdığımız, Azərbaycan dövlətçiliyinə yetərincə xidmət göstərmiş olan və özünün təmizliyi ilə hamımıza bəlli olan Fikrət Məmmədovun rəhbərliyi altında həyata keçirilən bu inzibati nəzarətdə subyektiv və neqativ halların axtarılması özü də ədalətsizlikdir. Mən təqdim edilən illik məruzəni müsbət qiymətləndirirəm və hörmətli millət vəkillərinə üz tutaraq bu hesabata müsbət rəy vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım! Artıq neçə illərdir ki, biz “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna müvafiq olaraq bələdiyyələrin illik hesabatını dinləyirik. Həm bu fəaliyyətimiz, həm də son dövrdə cənab Prezidentin imzaladığı fərman və tapşırıqlar bütövlükdə bələdiyyə institutunun inkişafında, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsində və mövcud problemlərin öyrənilərək həll olunmasında Prezidentin və parlamentin bu məsələləri diqqət mərkəzində saxladığını bir daha göstərir.
Bununla yanaşı, bir məsələni xüsusi qeyd eləmək istəyirəm. Bu gün biz “bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna müvafiq olaraq, bələdiyyələrin illik hesabatını dinləyirik. Belə bir təəssürat yaranmamalıdır ki, konstitusion statusu olan və fəaliyyətləri “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənən bir orqana, keçmiş anlamda olan kimi, bir inzibati nəzarət mövcuddur. Yəni hər hansı bir hüquq mühafizə nəzarəti mövcuddur və Ədliyyə Nazirliyi bunu həyata keçirir. Əsla belə deyil. Çünki inzibati nəzarət deyəndə biz “inzibati” sözünü o mənada qəbul etməməliyik.
Bu baxımdan çox normal haldır ki, bu hesabatda, bu məruzədə, misal üçün, əgər prokurorluq orqanları tərəfindən cinayət işi qaldırılıbsa, həmin faktlar sadalanıb. Yəni hesabatda Bakı şəhəri ilə bağlı məsələlər öz əksini tapmadığı üçün Fikrət müəllimi, yaxud ədliyyə nazirinin müavinini qınamaq yersizdir. Ona görə ki, bu fəaliyyəti, inzibati nəzarəti həyata keçirən orqanın özü Bələdiyyələrlə İş Mərkəzidir. “İnzibati nəzarət” sözünün bu Qanunda təsbit olunmuş predmetindən kənara çıxmağa yeri yoxdur. Bələdiyyələrlə İş Mərkəzinin də Əsasnaməsində hər hansı bir hüquq mühafizə nəzarəti həyata keçirilməyib. Onun başlıca fəaliyyət növü məhz “Bələdiyyələrin statusu haqqında” Qanuna uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməklə köməklik göstərməkdir. Mərkəzin əsas işi budur.
Təbii ki, Prezidentin fərmanına uyğun olaraq, bu Mərkəz müvafiq icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib, sonradan fərmanla Ədliyyə Nazirliyində yaradılmış bu quruma Baş İdarə statusu verilmişdir ki, müəyyən təminatları olsun. O, yalnız qanun çərçivəsində fəaliyyət göstərə bilər və bu hesabat onlara verilmiş səlahiyyətlər çərçivəsində görülmüş işlərin hesabatıdır. Ona görə də bu hesabat qəbul olunmalıdır, diqqətəlayiq bir hesabatdır.
Burada bütövlükdə bələdiyyələrin fəaliyyətində meydana çıxan problemlər, onların fəaliyyəti ilə bağlı məsələlər müzakirə predmeti deyil. “Bələdiyyələrin statusu haqqında” Qanun müzakirə olunarsa, o barədə danışmaq olar. Yəni əlavə status, hüquq verilsin və s.
Burada səslənmiş fikirlərlə bağlı mənim qeyd etmək istədiyim bir neçə məsələ var. Hesab edirəm ki, tamamilə düzgün olaraq cənab Prezident öz fərmanında mühüm bir məsələni həll etmiş, Mərkəzə həm Baş İdarə statusu verilmiş, həm də yerlərdə Ədliyyə Nazirliyinin regional şöbələrinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Bu, əslində, Mərkəzin regional şöbəsi olmayacaq, Ədliyyə Nazirliyinin regional ədliyyə şöbələri yaradılacaq və həmin şöbələrin nəzdində Mərkəzin bir və yaxud iki əməkdaşının iştirakı təmin olunacaq. Hesab edirəm ki, bu çox mühüm məsələdir. Nəhayət, Mərkəz regionlarla da sıx iş qura biləcək.
Ən başlıca problem ondan ibarətdir ki, faktiki olaraq, kənd bələdiyyələri üzərində yetərli inzibati nəzarət mövcud deyil. Onun nəticəsidir ki, bir çox kənd bələdiyyələrinə, təəssüflər olsun ki, bəzən ali təhsili olmayan şəxslər də seçilirlər. Bu, xalqın, insanların öz seçimidir və ona hörmətlə yanaşmaq lazımdır. Amma sənədlərin tərtibatında çox ciddi nöqsanlara yol verirlər. Çox təəssüf ki, bəzən qanunları bilmirlər. Bələdiyyələr kollegial şəkildə qanun qəbul etməli olduqları halda təkbaşına, özbaşına qərarlar qəbul edirlər. Nəticədə inzibati işlər, cinayət işləri meydana çıxır.
Hesab edirəm ki, dövlət büdcəsindən hər il ayrılan maliyyə vəsaitinin artırılması çox vacib məsələdir. Niyə? Çünki bu gün, faktiki olaraq, Bakı şəhərinin bələdiyyələri kompüterlə kifayət qədər təchiz olunmayıb. Bələdiyyələrin fəaliyyətində şəffaflıq başlıca məsələdir. “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq satınalmalar tenderlər vasitəsi ilə həyata keçirilməlidir. Bu cür şəffaf prosedurlar bələdiyyələrdə yoxdur. Ona görə ki, onların bu baxımdan maddi-texniki bazası yoxdur. Hesab edirəm ki, maliyyə vəsaitinin ayrılması çox mühüm məsələdir.
Hörmətli Arif müəllim bir məsələ qaldırdı. Bu, maarifləndirmə ilə bağlıdır. Mən məlumat üçün demək istəyirəm ki, cənab Prezidentin “Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” fərmanına uyğun olaraq Ədliyyə Akademiyasının yaradılması nəzərdə tutulub. Artıq bu akademiyanın əsasnaməsi bizim tərəfimizdən işlənib hazırlanıb. Yəqin ki, cənab Prezident tərəfindən bu yaxınlarda təsdiq olunacaq. Orada biz nəzərdə tutmuşuq ki, bələdiyyələrin hüquqi maarifləndirilməsi, ixtisasının artırılması ilə bağlı məsələlər də Ədliyyə Akademiyasında öz həllini tapa bilər. Ədliyyə Akademiyası bu cür köməklik göstərə bilər.
Bir məsələyə də fikrimi bildirmək istəyirəm. Belə təklif olunur ki, qanunvericilikdə bir boşluq var. Yəni vətəndaşların müraciətlərinə baxılması və kargüzarlığın aparılması qaydalarını tənzimləməkdən ötrü normativ hüquqi aktların qəbul edilməsi təklif olunur. Doğrudan da, bu boşluq var. Dövlət hakimiyyəti orqanlarında kargüzarlıq aparılması qaydaları bələdiyyələrə birbaşa şamil olunmur. Onda meydana sual çıxır: bələdiyyələr bunu hansı formada eləməlidirlər?
Cənab Sədr, Dövlət qulluqçularının etik davranış qaydaları üzərində iş aparırıq. Bizim təkliflərdən biri ondan ibarətdir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda bələdiyyələrin vəzifəli şəxsləri korrupsiya cinayətinin subyektidir. Əgər biz o anlamı Dövlət qulluqçularının etik davranış qaydalarına aid etsək, onda bu, bələdiyyələrin vəzifəli şəxslərinə şamil oluna bilər. Elə bilirəm ki, təklif olunan məsələni biz həll edə bilərik. Yəni, faktiki olaraq, vətəndaş-bələdiyyə münasibətlərində qanuunvericilikdəki boşluğu doldurmuş olarıq. Hesab edirəm ki, bu məruzəni bütövlükdə qənaətbəxş hesab eləmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mən burada səslənən bəzi fikirləri təkrar eləməmək üçün bir neçə kəlmə demək istəyirəm. Birincisi, təklif edirəm ki, gəlin, gündəlikdə olan məsələni müzakirə eləyək. Gündəlikdə qoyulmuş məsələdən istifadə edərək ürəyimizi boşaltmaq, nəyi isə göstərmək bizə yaraşmaz. İkincisi, bələdiyyələr haqqında danışanda yadımızdan çıxarmayaq ki, bu bələdiyyələr neçə ildir mövcuddur.
Avropada özünüidarəetmə orqanlarının tarixi 700 ildən artıqdır. 700 ildə birdən-birə sistem yaradılmayıb, birinci növbədə, mədəniyyət yaranıb. Özünüidarəetmə mədəniyyəti insanın qanında, iliyində olmalıdır. Bu mədəniyyətin yaranmasında əlimizdən gələni eləyə bilsək, onda öz tövsiyəmizi verə bilərik. Əgər desək ki, bugünkü qanunvericilik yetərli deyil, bugünkü sistem çalışan sistem deyil, mən razı deyiləm. Bunu təkmilləşdirmək, səmərəli şəkildə işləmək lazımdır. Əgər görsək ki, bu sistemi səmərəli işlətmək üçün potensial bitib, ondan sonra yeni bir şeydən danışmaq olar. Yoxsa bir hərəkəti axıra çatdırmamış, ikinci, üçüncü işə girişsək, onda bələdiyyələr çalışa bilməyəcək. Ən böyük məsələ maarifləndirmək məsələsidir. Ona görə də mənim təklifim ondan ibarətdir ki, doğrudan da, ürəyimiz yanırsa, bələdiyyələrin səmərəli çalışmasını istəyiriksə, icra hakimiyyəti orqanları ilə, başqa orqanlarla əl-ələ verib işləməliyik, bələdiyyələrin bugünkü qanunvericilik çərçivəsində səmərəli işləməsini təmin etməliyik. Bu işi onun-bunun boynuna yıxmaq lazım deyil. Hamımız bərabər çalışmalıyıq, bərabər işləməliyik. Ona görə də mən təklif edirəm, mümkündürsə, bugünkü müzakirələri bitirək, səsə qoyaq. Onsuz da bundan yaxşı məruzə hazırlayıb gətirə bilməyəcəyik. Səs verək və bundan sonrakı məsələyə keçək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən yoxdur ki? Yazılanlar təkid edirlər. Ona görə davam eləyirik. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! Bildiyiniz kimi, bələdiyyə institutunun inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidentinin daim diqqət mərkəzindədir. Milli Məclisdə bu sahədə qanunvericiliyin təkimilləşdirilməsi baxımından mühüm işlər görülüb və görülməkdədir. Təqdirəlayiq haldır ki, bu gün bələdiyyələrin iqtisadi, maliyyə müstəqilliyi təmin olunmuşdur. Onlara qanunla bir sıra yeni səlahiyyətlər verilmişdir.
Son illərdə bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində işlər davam etdirilir. Ailə-kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiqləyən sənədin verilməsi də bələdiyyələrə həvalə olunmuşdur. Hazırda Milli Məclisdə Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinə baxılması da bu prosesin davam etdirilməsinə bir sübutdur. Bu gün bələdiyyələr mülkiyyət hüquqlarının təmin olunmasını, kommunal və bir sıra yerli məsələlərin həllini uğurla həyata keçirirlər və illər ötdükcə bu iş daha da təkmilləşdiriləcəkdir.
Hesab edirəm ki, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, ötən il cənab Prezidentin fərman və sərəncamları ilə bu orqanın statusu artırılmış, lazımi ştat vahidləri ilə təmin olunmuşdur.
Mən burada məruzəni diqqətlə dinlədim. Qısa müddətdə, təxminən yeddi illik iş təcrübəsi olan bələdiyyələr çox mühüm və əhatəli işlər görmüş və fəaliyyət göstərmişlər. Məlum oldu ki, indiyə qədər 2757 bələdiyyə yaradılmışdır. Bələdiyyələrlə İş Mərkəzi Ədliyyə Nazirliyinin strukturuna daxil edilmiş və əhatəliliyi genişləndirilmişdir. Regional bələdiyyə şöbələrinin yaradılması nəzərdə tutulmuş və artıq 19 regional sektor yaradılmışdır. Məruzədən də məlum oldu ki, 1086 şikayət olmuşdur. Yəni iş olan yerdə şikayət də olur. 1933 vətəndaş qəbul edilmiş, 988 qərarın ləğvi üçün müraciət olmuş, 466-sı ləğv edilib, 22-si dəyişdirilib. Məhkəmə qarşısında 48 iddia qaldırılıb, 81 bələdiyyə sədri müvafiq şəkildə məsuliyyətə cəlb olunub, 17-sinin işi Baş Prokurorluğa göndərilib. Həmçinin 894 hektar torpaq sahəsinin qanunsuz verilməsi müəyyən edilib. 1559 hektar torpağın verilməsinin qarşısı alınmışdır.
Bunlar göstərir ki, qısa müddətdə bələdiyyələr fəaliyyət göstərir. Lakin burada bir məsələni xüsusi qeyd eləmək lazımdır ki, bələdiyyələrin kadrlarla təmin edilməsi daha da gücləndirilməlidir. Düzdür, burada göstərildi ki, metodik göstərişlər nəşr edilib paylanmışdır, Böyük Britaniyalı mütəxəssislərlə birlikdə müəyyən tədbirlər həyata keçirilmişdir. Habelə Avropa Şurasının nümayəndəsi bura gəlmişdi və söhbətlər aparılmışdır. Bunlar düzgündür. Lakin burada bir neçə məsələni xüsusi qeyd eləmək lazımdır. Hesabat dövründə xeyli iş görülmüş, təkmilləşdirmə işi davam etdirilmişdir. Düzdür, Prezidentin 2006-cı il 26 may tarixli sərəncamı ilə işlərin həcmi və fəaliyyət dairəsi genişləndirilmişdir. Bu tapşırıqların həyata keçirilməsində Ədliyyə Nazirliyinin, Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti danılmazdır.
Lakin burada bir məsələni xüsusi qeyd eləmək lazımdır. Bələdiyyələrin fəaliyyətini yüksəltmək üçün onun səviyyəsinin lazimi dərəcədə olmasına xüsusi fikir vermək lazımdır. Burada çıxışlarda dedilər ki, bələdiyyə üzvlərini maarifləndirmək lazımdır. Maarifləndirmək nə deməkdir? Bunun üçün xüsusi məktəblər, institutlar, kurslar açmaq lazımdır. Bələdiyyə üzvlərinin çoxu orta təhsillidirlər. Qanun və qaydaları da bilmirlər. Təbii ki, bilmədiklərinə görə də nöqsanlara yol verirlər. Burada qeyd olundu ki, indi bələdiyyənin 45 min üzvü var. Ondan cəmi 180 nəfəri tədris kurslarına cəlb olunmuşdur. Yaxşı, bu harada oxuyacaq, harada öyrənəcək? Qeyd olundu ki, gələcəkdə Ədliyyə Akademiyası açılacaq və onlar orada təhsillərini davam etdirəcəklər. Bunu da başa düşdük. Mən demək istəyirəm ki, bu sahədə çalışan Mehdi Səlimzadə bələdiyyə işini bilən bir mütəxəssisdir. Ancaq mən yenə deyirəm ki, bunun üçün kurslar açılmalıdır, oxumalıdırlar, təhsil almalıdırlar.
Burada söhbət gedir ki, guya bələdiyyələrin sərəncam hüququ yoxdur, bunlar vergi yığmaqla məşğuldurlar və sair. Orta təhsilli adam öz hüququnu bilər, icra hakimiyyəti ilə, yerli torpaq şöbəsinin müdiri ilə birlikdə qanunların, sərəncamların verilməsində yaxından iştirak edə bilər. Savadsız adama nə desələr, onu da qəbul edəcək və işləyəcək.
Burada söhbət getdi, xarici dövlətlərdə bələdiyyələrin 700 illik təcrübəsi var. Böyük Britaniyada indi də təkmilləşdirmə işləri gedir. Bu baxımdan demək olmaz ki, bizdə bələdiyyələrin fəaliyyəti yarıtmaz haldadır. Məruzədən də məlum oldu ki, xeyli iş görülüb.
Yekunda demək istəyirəm ki, qurum bundan sonra da səylə fəaliyyət göstərəcək, ölkəmizdə bələdiyyə institutunun Avropa standartlarına uyğunlaşdırılması üçün bələdiyyələrlə sıx əməkdaşlıq edəcəkdir.
Hörmətli Sədr, hörmətli deputatlar və dəvət olunmuş qonaqlar! Bizə təqdim olunmuş birillik məruzəni mən diqqətlə oxumuşam. Hesab edirəm ki, bu qurum lazımi statusunu hələ ötən il əl etdiyinə görə onun fəaliyyətinin ən yaxşı dövrü hələ irəlidədir, onun səmərəliliyi yüksəldilməlidir. Bu sahədə onlara uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. 14 nəfər çıxış eləyib. İqbal müəllim, təklif olundu ki, səsə qoyaq. Kim layihəni səsə qoymağın tərəfdarıdır, xahiş edirəm, münasibətini bildirsin.

Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hansı hüququnuzdan istifadə edirsiniz? Çıxışların kəsilməsini səsə qoydum, çıxışlar dayandı. Xahiş edirəm, indi qanun layihəsinə münasibətinizi bildirəsiniz. Siz təkid edirsiniz, amma 89 deputat da dedi ki, çıxışlar dayandırılsın. Xahiş edirəm, layihəyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 91
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin altıncı məsələsi Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir (ikinci oxunuşda). Əgər etiraz eləmirsinizsə, dünənki məruzə hazırdır, günün ikinci yarısında məruzədən başlayarıq.
(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımıza davam edirik. Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarını və Bəyanatını qəbul etməliyik. Bahar xanım Muradova, buyurun.
B. Muradova, Milli Məclis Sədrinin müavini.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Sizin özünüzün də iştirakı və şahidliyi ilə gördünüz ki, Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar dinləmələr keçirməsi, çox prinsipial müzakirələr təşkil olunması, hər kəsə sərbəst şəkildə öz fikrini ifadə etmək imkanının yaradılması çox yaxşı bir ab-hava yaradıb. Artıq bu müzakirələr başa çatmasa da, ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılanıb. Dünəndən biz ictimaiyyətin ən müxtəlif təbəqələrindən Milli Məclisin atdığı bu addımı yüksək dəyərləndirmələri barədə fikirlər eşitməkdəyik. Bu gün mətbuatda da bu fikirlərə çox geniş yer ayrılıb.
Mən hesab edirəm ki, doğrudan da, Milli Məclisin tarixində bu gün əhəmiyyətli bir gün kimi öz yerini tutacaqdır. Biz, işçi qrupu dünən burada səslənən fikirlərin hər birini qeydiyyata götürdük və bu fikirlərin əksəriyyəti bizim fikirlərimizlə üst-üstə düşüb. Düzdür, bəzi fikirlər ziddiyyətli məqamları özündə əks etdirsə də, biz bunları da normal və təbii sayırıq. Çünki bu elə bir məsələdir ki, bununla bağlı emosiyadan kənar danışmaq mümkün deyil. Bəzən emosiyalar hüquqi təfəkkürü üstələdiyindən ziddiyyətli fikirlər də səslənə bilir. Amma millət vəkili ona görə millət vəkilidir və parlament də ona görə parlamentdir ki, bu cür fikirləri dinləsin, normal, təbii qarşılasın, səmərəli, faydalı olan fikirlər sənədlərdə əksini tapsın. Nəticədə əksəriyyətin fikrini ifadə edən bir sənəd ortaya qoya bilsin.
Mən işçi qrupunun üzvləri adından müzakirədə iştirak edən bütün millət vəkillərinə təşəkkürümü bildirirəm ki, onlar çox səmərəli fikirlər söylədilər. Bizim diqqətimizdən qaçan, bəzən bəlkə də vacib hesab etmədiyimiz məqamları diqqətimizə çatdırdılar. Biz onları hər iki sənəddə nəzərə almağa çalışmışıq. İstər xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara göndəriləcək Bəyanatda, istərsə də Azərbaycanın daxilində və ondan kənarda təbliğat işinin necə qurulması ilə bağlı fikirlər mümkün qədər nəzərə alınıb. Bu, şəxsən mənim və qrupun qənaətidir ki, sənədlər səsə qoyulub qəbul edilə bilər.
Ancaq bundan əvvəl mən bəzi nəzərə alınmış fikirlərin nədən ibarət olduğunu sizin diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə, beynəlxalq təşkilatlara ünvanlanan sənəd – Bəyanat bizim diqqət mərkəzimizdə olub. Haqlı olaraq bu Bəyanatın ilk abzasında “ifrat” sözünü Azərbaycanın Qarabağla bağlı bir sıra hüquqi sənədlərində və ölkə Prezidentinin müraciətlərində işlənmiş “davakar” sözü ilə əvəzləmişik. Yəni “davakar erməni millətçiləri”. Biz çalışmışıq, elə bir söz seçək ki, o, bütün mənaları ifadə edə bilsin. Birinci abzasda biz “davakar erməni millətçiləri” işlətmişik. Hər iki sənəddə artıq “erməni millətçiləri” sözləri “davakar erməni millətçiləri” kimi işlənəcəkdir.
Bəyanatın 1-ci səhifəsinin üçüncü abzasında birinci cümlədə göstərilirdi: “Xocalı erməni millətçilərinin növbəti hədəfi idi”. Biz burada səslənən fikri əsaslı hesab edərək onu “Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi” ifadəsi ilə əvəz etmişik. Bu abzasdan sonra ikinci yeni bir abzas bura daxil edilib və Xocalı şəhərinin yerlə-yeksan edilməsini, soyqırımı hadisəsinin ideoloji əsaslarının əvvəlcədən hazırlanmasını özündə əks etdirən fikir ifadə olunub: “Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri 1988-ci ilin fevral ayının axırlarında SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində törədilmiş məlum fitnəkarlıq nəticəsində tələf olan ermənilərin qisasını almaq niyyətini açıq-aşkar qarşıya qoymuşdular. Kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlılardan əvəz çıxmağa çağırışlar səsləndirilir, azərbaycanlıların kütləvi məhvini təşkil etməyə təhriklər edilirdi.” Belə bir abzas əlavə olunub.
Belə bir fikir də burada səsləndi. 2-ci səhifənin üçüncü abzasında yazılmışdır: “qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi”. Biz haqlı sayırıq ki, bu fikir buradan çıxarılmalı idi və çıxarılıb. Bu hissə yenidən işlənib. Əlavə olunan hissəni sizin nəzərinizə çatdırıram. Həmin abzasda “Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı” cümləsindən sonra “Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı” kimi ifadələr əlavə olunub.
2-ci səhifədə üçüncü abzasın sonunda biz yeni bir abzas əlavə etmişik: “Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir” cümləsindən sonra yeni bir abzas gedir: “Beləliklə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır”. Belə bir absaz əlavə olunub. Mən hesab edirəm ki, bu, mətnin təkmilləşməsinə çox böyük təsir göstərəcəkdir.
3-cü səhifədə birinci abzasın sonuna yeni bir fikir əlavə olunubdur: “...meşələrdə pusqu quran erməni hərbiçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər” cümləsindən sonra “Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir” cümləsi əlavə olunub. Bu da çıxışlarda səslənmişdi ki, oxşar hadisələrlə bağlı beynəlxalq tribunalların təşkil edilməsi burada əksini tapa bilər. Bu da miqyasına, ölçüsünə və xarakterinə görə buna uyğun gəldiyi üçün biz bu ifadəni əlavə etmişik.
Eyni zamanda, burada “366-cı alayın hərbi qulluqçularının və bir çoxlarının adları Azərbaycan tərəfinə məlumdur” sözləri daha da dəqiqləşdirilərək “habelə digər şəxslərin bir qisminin adları” kimi verilmişdir. Çünki bütün adlar bizə məlum deyil, ona görə biz belə bir ifadəni bura əlavə etməyi lazım bildik.
4-cü səhifədə birinci abzasda “Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutmuş erməni millətçiləri” ifadəsi dəqiqləşdirilərək “erməni hərbçiləri” ifadəsi ilə əvəzlənibdir.
Burada Mübariz Qurbanlı tərəfindən təklif səsləndi ki, biz bu müraciəti ünvanlayacağımız beynəlxalq təşkilatların sırasına İslam Konfransı Təşkilatının adı da daxil edilsin. Biz bunu çox əhəmiyyətli bir fikir hesab edirik və “Avropa Birliyi”ndən sonra, “Müstəqil Dövlətlər Birliyin”dən əvvəl “İslam Konfransı Təşkilatı” ifadəsi daxil edilmişdir.
Bəyanat layihəsinə bizim əlavə etdiklərimiz bundan ibarətdir. Biz bu layihənin üzərində işləyərkən bütün işçi qrupunun üzvləri bu dəyişikliklərin edilməsini dəstəklədilər. Mən hesab edirəm ki, siz də bu dəyişiklikləri qəbul edəcəksiniz. Əlbəttə, bu, beynəlxalq aləmə göndərilən sənəd olduğu üçün biz burada diplomatik və hüquqi meyarları gözləməyə məcburuq. Bəzi məsələlər bizim ürəyimizdən olmasa da, standartlara uyğun şəkildə öz əksini tapmalıdır. Amma Milli Məclisin qərarında bəzi məsələlər əvvəl olduğundan fərqli şəkildə verilə bilər. Biz həmin addımları atmışıq.
Burada hər şeydən əvvəl səslənmişdi ki, Bəyanatda və qərarda konvensiyaların adı sadalansın. Biz bu barədə də məsləhətləşdik və nəzərinizə çatdırım ki, dünən müzakirədən dərhal sonra Əli Hüseynov, Lətif müəllim, Rafael Cəbrayılov, Səfa müəllim, yəni hüquqşünasların, beynəlxalq hüququ bilən şəxslərin iştirakı ilə müzakirə keçirdik. Bu gün də iki dəfə yığışdıq və həmin müzakirə davam etdirildi. Ona görə də demək istəyirəm, biləsiniz ki, bu təkcə millət vəkillərinin təklifləri deyil, bu məsələyə hüquqşünasların da yanaşması burada öz əksini tapıb. Biz mütəxəssislərin və ekspertlərin rəyini də öyrənmişik. Ona görə də bunu daha təkmil variant kimi qəbul etməyə kifayət qədər əsas var.
Qərar layihəsinin 1-ci səhifəsində dəyişiklik yoxdur. 2-ci səhifəsində “erməni millətçiləri” “davakar erməni millətçiləri” adlanır. Burada fikir səsləndi ki, soyqırımı hadisələri törədilən zonaların sadalanmasında “Tiflis” irəli düşüb. Biz bunu əsaslı fikir hesab edirik. O dəyişilərək sonrakı yerə keçirilib: “Azərbaycanın digər yerlərində, habelə Tiflisdə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır”. Burada Ermənistan Respublikasının 1918-ci ildə ərazisini əks etdirən rəqəm şübhə doğurmuşdu. Bu rəqəmi dəqiqləşdirmək üçün dünən, bu gün araşdırmalar aparılıb. Millət vəkili Cəmil Həsənli və digər tarixçilərlə əlaqə saxlanılıb. Bu fakta əsaslanaraq həmin rəqəm 9,8 min kvadrat-kilometrlə əvəz olunub. Hazırda bugünkü xəritələrdə Ermənistan Respublikasının ərazisi 30 min kvadrat-kilometr göstərilir. Biz də “29” rəqəmini “30”la əvəz etmişik.
4-cü səhifədə əsaslı dəyişiklik yoxdur. Daha doğrusu, 4-cü səhifənin sonuncu abzasında biz “sovet hakimiyyəti illərində yeni nəsillərin beynəlmiləlçilik ruhunda tərbiyəsi və xalqlar dostluğunun tərənnüm edilməsi” fikrini vermişdik. Ancaq onları dırnağa almamışdıq. Siz də bilirsiniz ki, bu şüarlar müsbət şüarlardır və özlüyündə hansısa bir faciənin törədilməsinə gətirib çıxaran amil ola bilməz. Bu, yalnız dolayı yolla şərait yarada bilər. Onu nəzərə alaraq biz həmin hissəni yenidən işləmişik və yenidən işlənən məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm. Mən üzr istəyirəm, təqdim edim, sonra fikirlərinizi bildirərsiniz. “XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldıqları fəlakətlərin əsrin sonlarında yenidən təkrar olunmasının bir çox səbəbləri vardır. Əlbəttə, başlıca səbəb 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması, yeni nəsillərin saxta beynəlmiləlçilik ruhunda tərbiyə olunması, “xalqlar dostluğu”nun tərənnüm edilməsi olmuşdur. Azərbaycan xalqının başına gətirilmiş faciələri unutdurmaq üçün sovet ideoloqları xalqımızın xeyirxahlıq, alicənablıq, rəhmdillik, sülhsevərlik, düşmənçiliyi unutmaq kimi yüksək mənəvi keyfiyyətlərindən məharətlə istifadə etmişlər”. Mənə elə gəlir ki, bu, fikirlərimizi daha yaxşı ifadə edir.
Burada bir fikir də səsləndi ki, davakar erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı mütəşəkkil müqavimət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilmişdir (5-ci səhifənin sonuncu abzası). Həqiqətən də, bu belədir. Bunu heç kəs inkar edə bilməz. Azərbaycanın nəinki Qarabağ məsələsində, bütün sahələrdə inkişafını təmin edən ciddi addımlar məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verib. Siyasi konyunkturadan kənar ümummilli mənafeyə xidmət edən bir sənəd qəbul edirik. O mənada vaxtı ilə Xocalı soyqırımının baş verməsi ilə əlaqədar Milli Məclisin özündə müvafiq sənədlər qəbul edildiyini, pərakəndə olsa da, müəyyən tədbirlərin keçirildiyini nəzərə alaraq, biz bunu bir cümlə ilə ifadə etmişik: “Davakar erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı mütəşəkkil müqavimət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur”. Mənə elə gəlir ki, buna heç bir etiraz ola bilməz. Bu hamı tərəfindən qəbul olunan bir faktdır.
Sonrakı səhifələrdə ciddi bir dəyişiklik baş verməyib. Xüsusi ilə qərarın son hissəsinə aid təkliflər səslənmişdi. Bu təkliflərin bir çoxu hüquq mühafizə orqanlarının səlahiyyətinə aid olduğu üçün və biz də siyasi bir sənəd qəbul etdiyimiz üçün bu məqamların bir çoxu bizim tərəfimizdən nəzərə alına bilməzdi. Bu bizim səlahiyyətimizdən kənardır.
Bəzi məsələlər var ki, biz onların təklif olunmasını qəbul edirik və bu da sənəddə öz əksini tapıb. 1-ci və 2-ci bəndlər olduğu kimi qalıb. 3-cü bənd yenidən işlənib. Üstəlik, haqqında məhkəmə qərarı olmayan şəxslərin cinayətkar adlandırılmasının özünün normal qəbul edilmədiyini nəzərə alaraq, biz həmin bəndi belə ifadə etdik: “ Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər”. Biz əvvəl burada “cinayətkarları” yazmışdıq, amma indiki redaktədə fikir daha dəqiq ifadə olunur.
4-cü bənddə isə təklif olunmuşdu ki, Qarabağ məsələsi ilə məşğul olan qurumlar yox, müvafiq dövlət və qeyri-dövlət qurumları, o cümlədən qeyri- hökumət təşkilatları da burada öz əksini tapsın. Biz bu fikri də nəzərə almışıq. Ona görə bu bənd belə ifadə olunub: “Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər”.
Sənəd üzərində dəyişikliklər bundan ibarətdir və mən hesab edirəm ki, kifayət qədər ciddi və müsbət istiqamətdə edilən dəyişikliklərdir. Burada bəzi fikirlər var idi. İşlərin necə qurulması, haradan mütəxəssislərin, ekspertlərin dəvət olunması, Elmlər Akademiyası ilə dövlət qurumlarına tövsiyələr verilməsi, elmi tədqiqat işlərinin gücləndirilməsi və sair. Hesab etdik ki, bütün bunlar Milli Məclisin yanında yaradılacaq İnformasiya-tədqiqat mərkəzinin əsasnaməsində əksini tapa bilər, onun vəzifələri sırasına daxil edilə bilər. Özlüyündə İnformasiya-tədqiqat mərkəzi təkcə Xocalı hadisəsi ilə yox, bütövlükdə Qarabağ məsələləri ilə bağlı informasiya-tədqiqat işlərinin aparılmasını həyata keçirəcək. O mənada bu təklifləri biz orada nəzərə ala bilərik və Milli Məclisin qəbul edə biləcəyi sənəd çərçivəni müəyyənləşdirməlidir. Hər halda fikirlərimiz belədir.
Mən çıxışımın sonunda bütün millət vəkillərinə təşəkkürümü bildirirəm və hər birinizi bu sənədə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Dünən biz dörd saat bu məsələni müzakirə etmişik. Millət vəkillərinin təqdirəlayiq təklifləri olub və onlara baxılıb. Mən də hesab edirəm ki, bu məsələnin müzakirəsinin mənası yoxdur. Komissiya çox gərgin iş görüb. Dünən axşam saat 10-11-ə kimi, bu gün isə səhərdən işləyirlər. Ortaya sənədlər çıxarıblar. Mənə elə gəlir ki, bunlar normal sənədlərdir. Əgər etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. “Davakar” sözü ingiliscə necə çıxır? “Davakar” sözünü bir daha dilçilərimizlə dəqiqləşdirərik. Bahar xanım, buyurun.
B. Muradova. Mən sözümün əvvəlində niyə bu ifadəni seçdiyimizin məqsədini dedim. Hər halda bizim hamımızın məqsədi Ermənistan işğalçılarının iç üzünü açmaqdır. Çıxış etməkdən fərqli olaraq, ələ qələm götürüb yazanda lazım olan ifadəni tapmaq çətinlik törədir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın hüquqi sənədlərində ardıcıl olaraq ifadələr işlənib və biz bu ifadələri də işlətmək zorundayıq. “Davakar” sözü ilə bağlı dilçilərlə ayrıca müzakirə açmaq olar.
Sədrlik edən. Xahiş edirəm, Səməd müəllimə söz verək.
S. Seyidov. Biz bu sənədi bütün dünya parlamentlərinə göndərəcəyik. “Davakar” sözünü qeyd etdik. Rus dilində “воинствующие” çox düzgün sözdür. İngilis dilində isə “militant” deməkdir. O da düzgün sözdür. Ona görə də tərcümə edərkən bu sözü sənədlərimizdə düzgün əks etdirəcəyik. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, Bəyanata münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul olundu, çox sağ olun.
Qərar layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, çox dəyərli sənədlər qəbul etdik və biz bu işimizi bundan sonra da ardıcıllıqla davam etdirməliyik.
Gündəliyin növbəti məsələsinə keçirik. Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Eldar İbrahimov, buyurun.
E. İbrahimov. Hörmətli Sədr, hörmətli deputatlar! Məlumat vermək istəyirəm ki, Atçılıq haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşunda çıxış edən hörmətli deputatlar Əli Məsimli, Cəmil Həsənli, Eldar Quliyev, Sabir Rüstəmxanlı, Adil Əliyev, Miri Qənbərov, Nizami Xudiyev, Nizami Cəfərov və Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərov ölkəmizdə atçılığın qədim tarixə malik olmasından, bu qanunun qəbul edilməsinin atçılıqda damazlıq işinin yaxşılaşdırılmasına, at cinslərinin genefondunun qorunub saxlanmasına, eləcə də yüksək keyfiyyətlərə malik cins atların yetişdirilməsinə və təkmilləşdirilməsinə böyük təsir göstərəcəyinə, Azərbaycanda atçılığın inkişaf etdirilməsinə təkan verəcəyini qeyd etmişlər.
Bununla yanaşı, hörmətli deputatlar layihə ilə əlaqədar bir çox iradlarını bildirmiş, rəy və təkliflərini söyləmişlər. Layihə ilə əlaqədar dəyərli təklif və iradlarını bildirdiklərinə görə deputat həmkarlarıma dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. İrad və təkliflərə işçi qrupunda baxılmış, diqqətlə öyrənilmiş, layihə ikinci oxunuşa hazırlanarkən komissiyada müzakirə edilərək nəzərə alınmışdır.
Qanun layihəsi birinci oxunuşdan sonra məzmun və struktur baxımından xeyli təkmilləşdirilmiş, bir çox maddələr yenidən işlənmişdir. Birinci oxunuşda layihədə 27 maddə olduğu halda, indi 36 maddə var. Layihənin ilk variantında atçılığın bir neçə problemi həll edilirdi. İndi isə, demək olar ki, sahənin problemlərinin əksər hissəsi həll olunur.
“Əsas anlayışlar” adlanan 1-ci maddədə həll olunan əsas problem Qarabağ və Dilbaz atlarının Azərbaycana məxsus olmasının hüquqi qüvvəsini tapmasıdır. Yeni variantda 1-ci maddənin 8-ci bəndində birmənalı yazılır: “milli at cinsləri - Azərbaycanda xalq seleksiya yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilən və yayılan, mənşəyi bəlli Qarabağ və Dilbaz at cinsləri.” Ancaq ilk variantda cinslərin adları çəkilmirdi.
Bunu ona görə belə yazmışıq ki, mən birinci oxunuşda dedim, ermənilər bizim Qarabağ atımıza da sahib çıxmaq istəyirlər. 2004-cü ildə onlar buraxdıqları markaya XIX əsrdə Xurşidbanu Natəvanın at zavodunda yetişdirilmiş, 1869-cu ildə Moskvada Ümumrusiya at sərgisində mükafat almış “Əlyetməz” ləqəbli Qarabağ atının şəklini salmışlar. Hamımız bilirik ki, belə markalar bütün dünyaya yayılır və uzun illər saxlanılır, beynəlxalq sərgilərdə nümayiş etdirilir. İndi qanun layihəsində biz birmənalı bəyan edirik ki, bu atlar bizimdir. Bildiyiniz kimi, qanunlar İnternetə düşür, dünyada yayılır. Qoy bütün dünya bilsin ki, Qarabağ və Dilbaz atları Azərbaycan xalqına məxsusdur.
Eyni zamanda, qanun layihəsinin 27-ci maddəsində “Milli at cinslərinin beynəlxalq miqyasda tanınması üçün Qarabağ və Dilbaz at cinsləri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları tərəfindən patentləşdirilir” sözlərini yazmışıq. Bu o deməkdir ki, dünya bazarına çıxarılan Qarabağ və Dilbaz atlarının patent hüququ Azərbaycan dövlətinə məxsus olacaq və onların istifadəsindən büdcəmizə gəlir gələcəkdir.
Tarixi mənbələrdən məlumdur ki, istər qədim dövrlərdə, istərsə də yaxın keçmişdə ölkəmizdən ərəb ölkələrinə, İrana, Rusiyaya, İngiltərəyə, Fransaya, Almaniyaya və digər dövlətlərə xeyli Qarabağ və Dilbaz atları aparılmışdır. Almaniyada hətta “Qarabağ atı sevərlər” cəmiyyəti fəaliyyət göstərir. 1956-cı ildə Xruşov tərəfindən Böyük Britaniya kraliçası II Yelizavetaya bağışlanmış Qarabağ atının törəmələri bu gün də kraliçanın ən çox sevdiyi və əziz qonaqlarına nümayiş etdirdiyi at cinslərindən biridir.
Layihədə Azərbaycana məxsus at cinsləri ilə əlaqədar başqa bir məsələni də həll etmişik. Bu məsələ layihənin Aqrar siyasət daimi komissiyasında ikinci oxunuşda deputatlar və mütəxəssislər tərəfindən söylənilmiş, hələ cins kimi təsdiq edilməmiş, ölkənin Qərb zonasında yayılmış Kiçik Qafqaz atlarının, Şimal bölgəsində yayılmış Quba yorğasının və Şirvan bölgəsində yayılmış Şirvan atlarının təkmilləşdirilməsi və cins kimi formalaşması məsələsidir. Ona görə də layihənin 22-ci maddəsində yazmışıq: “Yerli Kiçik Qafqaz və Şirvan atlarının, Quba yorğasının müvafiq seleksiya-damazlıq proqramı əsasında seleksiyası və aprobasiyası aparılır, təkmilləşdirilməsi və cins kimi formalaşması həyata keçirilir”. Bu ona görə lazımdır ki, seleksiya-damazlıq işləri əsasında bu atlar təkmilləşdirilsin və yeni cinslər yaradılsın. Mənim bildiyimə görə indi Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda atçılığa dair elmi tədqiqat işləri aparılmır.
İkinci həll olunan əsas problemlərdən biri layihənin 8.6-cı maddəsində verilmiş cins atların genetik mənşəyinin müəyyən edilməsi qaydasıdır. Bu da 1-ci variantda çox səthi yazılmışdı. İndi isə bu müddəa belə yazılmışdır: “Cins atların immunogenetik ekspertizası atın genetik mənşəyini təsdiq etmək məqsədi ilə atlardan götürülən qan, tük və digər orqan nümunələrinin beynəlxalq standartların tələblərinə uyğun təhlilini həyata keçirmək üzrə ixtisaslaşmış, xüsusi avadanlıqla təchiz olunmuş laboratoriyalarda peşəkar mütəxəssislər tərəfindən aparılır”.
Əslində, bu çox vacib məsələdir. El arasında buna “DNK analizi” deyirlər. Bu məsələ ilə əlaqədar dünyada beynəlxalq arbitraj məhkəmələrində çoxlu sayda mübahisələr olur. Burada söhbət ondan gedir ki, məsələn, Azərbaycandan, Rusiyadan və ya başqa dövlətdən alınmış bir at Fransada cıdır yarışlarında mükafat fondu 2-3 milyon dollar olan cıdırı udur. Fransalı sahibkar atın həmin ölkədə yetişdirilməsi barədə saxta pasport düzəldib yarışa buraxır.
Atçılıqda qayda belədir ki, dünya miqyasında böyük mükafatlar udan atların həm özünün, həm də ata-analarının, qardaş-bacılarının və törəmələrinin qiymətləri dünya bazarında dəfələrlə qalxır. Odur ki, belə atın hansı dövlətə məxsus olmasından çox şey asılıdır. Yəni meydanda böyük pullar olduğuna görə maddi maraq məsələsi ön plana çəkilir və nəticə etibarı ilə atın nəsil-nəcabətinin müəyyən olunması məsələsi ortaya çıxır. Həmin vaxt atın immunogenetik ekspertizasının aparılması tələb olunur. Odur ki, bu məsələni də biz yeni variantda həll etmişik.
Üçüncüsü, cins atlara xarici dövlətlərdə verilmiş pasportların tanınmasıdır. Bildiyiniz kimi, Azərbaycanda atçılıq sahəsində sahibkarlıq fəaliyyəti son vaxtlar get-gedə geniş vüsət alır və xarici dövlətlərdən çoxlu sayda atlar alınıb ölkəyə gətirilir. Xaricdən gətirilən atların pasportları isə həmin dövlət tərəfindən verilmiş pasport olur. Odur ki, xarici dövlətlərdə atlara verilmiş pasportların Azərbaycanda tanınması məsələsi meydana çıxır. Bu məsələ 8-ci maddənin axırıncı bəndində öz əksini tapıb. Burada həmçinin atlara verilən pasportların beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək üçün 8-ci maddənin 3-cü bəndinə bir cümlə əlavə etmişik: “Cins atlara verilən pasportlar (şəhadətnamələr) Azərbaycan və ingilis dillərində tərtib olunur”.
Dördüncü həll olunan problem Azərbaycanın ərazisində yetişdirilən və saxlanılan damazlıq atların mərkəzləşdirilmiş damazlıq uçotu sisteminin, yəni vahid məlumat bazasının yaradılmasıdır ki, 9-cu və 25-ci maddələrdə öz əksini tapır. İndi müxtəlif əllərdə çoxlu sayda cins atlar var ki, onlar barədə məlumat yoxdur.
Beşinci həll olunan problem əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və xarici hüquqi şəxslərə Azərbaycanda atçılıqla məşğul olmaq hüququnun verilməsidir. Bu da 12-ci maddədə öz əksini tapır. İlkin variantda bu hüquq yalnız Azərbaycanın hüquqi və fiziki şəxslərinə verilmişdi.
Altıncı həll olunan böyük problemlərdən biri atçılıq təsərrüfatlarının növləri, onların hüquqi statusları, yaradılması və fəaliyyəti qaydalarının və şərtlərinin müəyyən olunmasıdır ki, layihənin 14-21-ci maddələrində təfsilatı ilə öz əksini tapmışdır. Birinci variantda bu məsələlər çox səthi və yarımçıq yazılmışdı. Cəmi 4 maddə var idi. Yeni variantda layihəyə atçılıq zavodları, damazlıq atçılıq reproduktorları, atçılıq fermaları, atçılıq idman klubları, atçılıqla məşğul olan digər subyektlərlə bağlı maddələr əlavə edilmişdir.
Digər həll olunan böyük problemlərdən biri layihəyə 6 maddədən ibarət olan “Atçılıqda damazlıq işi” adlanan yeni bir fəslin daxil edilməsidir. Bu da qanun layihəsində mütləq öz əksini tapmalı idi. Burada vacib maddələrdən biri “Milli at cinslərinin və beynəlxalq genefonda aid at cinslərinin damazlıq özəklərinin qorunması”, digəri isə “Damazlıq atların mülkiyyət, müəlliflik və patent hüquqlarının qorunması”dır.
Layihədə həll olunan vacib problemlərdən digəri, daha doğrusu, ən əsası “Atçılıq biznesinin təşkili” adlanan 4 maddədən ibarət olan yeni V fəsildir. Burada atçılıq biznesinin istiqamətləri, at satışı hərraclarının təşkili, cıdır yarışlarının təşkil edilməsi, cıdır meydanlarında cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi maddələri verilir.
Layihənin birinci müzakirəsində hörmətli həmkarım Eldar Quliyev dünya iqtisadiyyatında atçılıq biznesinin yeri və rolu, atçılığın nə qədər gəlirli sahə olması barədə məlumat vermişdi. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, atçılığın inkişafı atçılıq biznesinin düzgün təşkilindən asılıdır və bu məsələ bütün dünyada belə qurulmuşdur.
Yenə qeyd edirəm ki, Böyük Britaniyada atçılıq biznesinin illik dövriyyəsi 2,5 milyard funt sterlinq, Avstraliyada 7,7 milyard dollar, ABŞ-da 35 milyard dollar təşkil edir. Fransada 250 cıdır meydanı fəaliyyət göstərir. Burada atçılığın illik dövriyyəsi ölkənin avtomobil sənayesinin illik dövriyyəsinə bərabərdir. Atçılıqda 500 min nəfər işləyir ki, bu da ölkə əhalisinin bir faizi deməkdir. Cıdır meydanları hər il dövlət büdcəsinə 1 milyard avro həcmində vergi ödəyirlər. Avstraliyada atçılıq sahəsinin hesabına 80 min insan daimi iş yerləri ilə təmin olunub. Ölkədə 11 min at zavodu olan sahibkar, 454 atçılıq klubu mövcuddur. Burada keçirilən cıdır yarışlarının populyarlığı futboldan sonra ikinci yerdədir.
ABŞ-da hər il 30 böyük atçılıq auksionu keçirilir. Burada hər il keçirilən “Derbi” cıdır yarışının uduş fondu 18 mln. dollar təşkil edir. Birləşmiş Ərəb Əmirliklərində dünyada ən böyük təmizqanlı ingilis atları yetişdirən atçılıq zavodu fəaliyyət göstərir. Burada hər birinin qiyməti 1 milyon dollardan artıq olan 100-ə qədər damazlıq at vardır. Hazırda dünyanın böyük at auksionlarında satılan cins atların satış qiyməti 20 - 70 milyon dollar səviyyəsində olur.
Atçılıq biznesində ən çox gəlir cıdır meydanlarında oynanılan totalizatordan əldə edilir. Totalizatordan əldə edilən gəlirin 10-12 faizi vergi qismində dövlət büdcəsinə, 12-15 faizi isə atçılığın inkişafına yönəldilir. Bu da ölkə büdcəsinə milyardlarla vəsait daxil olması və yeni iş yerlərinin açılması deməkdir.
Atçılıq biznesinin yaxşı gəlir gətirən istiqamətlərindən biri də atların müqavilələr əsasında dəyəri ödənilməklə mayalandırılmasıdır. Hazırda dünya bazarında məşhur atlardan bir bala əldə etmək arzusunda olan sahibkar bu işə 100-200 min dollar ödəməlidir.
Layihədə həll olunan problemlərdən biri də 32-ci və 33-cü maddələrdə verilmiş atçılığın maliyyə təminatı, cins atların idxalı və ixracı məsələləridir. Burada göstərilir ki, atçılığın maliyyə təminatı, ilk növbədə, sahənin fəaliyyətindən əldə olunan vəsaitlər, cıdır-şans lotereya (totalizator) oyunlarından daxilolmalar, habelə dövlət büdcəsindən ayırmalar, investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən ödənilən ianələr və digər mənbələr hesabına formalaşır.
Atçılıqda elmi tədqiqat işləri, məqsədli dövlət proqramları, dövlət damazlıq kitabları, pasportlar, sertifikatlar, normativ sənədlərin nəşr etdirilməsi, xarici ölkələrdə atçılıq sahəsində keçirilən tədbirlərdə dövlət damazlıq təsərrüfatlarının atlarının və mütəxəssislərinin iştirakı, dövlət damazlıq təsərrüfatlarında yetişdirilən at cinslərinin genefondunun qorunub saxlanması və beynəlxalq damazlıq kitablarında qeydə alınması məsələlərinin dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu işlərə o qədər də çox vəsait tələb olunmur.
O ki qaldı büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan damazlıq atçılıq reproduktorlarının saxlanması məsələsinə, qeyd etməliyəm ki, yerli atların cins tərkibinin təkmilləşdirilməsi məqsədi ilə orada cəmi 10-20 baş ayğır saxlanılır. Bunun üçün o qədər də xərc tələb olunmur (cəmi 20-30 min manat). Layihədə qeyri-dövlət atçılıq subyektlərinin öz vəsaitləri hesabına həyata keçirdikləri tədbirlər də nəzərdə tutulmuşdur.
Layihədə həmçinin nəzərdə tutulmuşdur ki, atçılıqda damazlıq-seleksiya proqramlarının hazırlanması, dövlət atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi xarici ölkələrdən lizinq yolu ilə damazlıq atların alınması, atçılıq fəaliyyətindən əldə olunan vəsaitlər, cıdır-şans oyunlarından daxilolmalar, habelə investisiyalar, subsidiyalar, güzəştli kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən ödənilən ianələr və digər mənbələr hesabına həyata keçirilir.
33-cü maddə göstərilir ki, cins atlardan damazlıq işində istifadə etmək, cıdır meydanlarında sınaqdan keçirmək, idman yarışlarında, sərgilərdə və yarmarkalarda nümayiş etdirmək, yüksək damazlıq keyfiyyəti olan atlarla mayalandırmaq üçün idxal və ixrac olunur.
Mən çıxışımın əvvəlində qeyd etdim ki, layihənin birinci oxunuşu zamanı həmkarlarım tərəfindən deyilmiş irad və təkliflər bir neçə xırda məsələləri çıxmaq şərti ilə, əsasən, nəzərə alınmışdır.
Hörmətli deputatlar, mən bu qısa çıxışımda birinci oxunuşdan sonra qanun layihəsində edilən əlavə və dəyişikliklər barədə sizə məlumat verdim. Nəzərinizə çatdırıram ki, layihə hörmətli Prezident tərəfindən gəldiyinə görə sizə təqdim olunan yeni variant Prezidentin İcra Aparatı ilə razılaşdırılmışdır. Hesab edirəm ki, Atçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və Milli Məclis tərəfindən qəbul edilə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, əsas kimi münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Deyəsən, təklifləriniz var. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Atçılıq haqqında qanun layihəsi, doğrudan da, vacib bir sənəddir və təqdim olunub. Mən baxıram ki, heç kəs buna münasibət bildirmir. Amma sabah kiminsə ərazisində bir at qaçanda burada qışqırığı bütün aləmə düşəcək.
Bu gün vacib olan və bunun Azərbaycan xalqı üçün, millət üçün, ümumiyyətlə, istehsalat üçün, gələcək üçün, kənd təsərrüfatı üçün vacib elementləri, deyəsən, heç kəsi maraqlandırmır. Əgər yarım saat burada hər hansı bir ümumi məsələ müzakirə olunsa idi, siyahıda yer olmayacaqdı. Çünki mətbuat nümayəndələrinə hər kəs özünü nümayiş etdirməkdən ötrü başqa yer tapa bilmir. Amma Atçılıq haqqında qanun layihəsi müzakirə olunanda, görünür, biz buna laqeyd yanaşırıq. Birinci növbədə, atçılıq dünyada ən bahalı və vacib olan sistemlərdən biridir.
Siz bilirsiniz ki, ippodrom, başqa-başqa atçılıq yarışlarının keçirilməsi məsələləri var. Misal üçün, dünya yarışlarında istifadə olunan ən bahalı atların qiyməti 20 milyon, 30 milyon dollar civarında olur. Halbuki Azərbaycanda da bu sistem olub. Eldar müəllim qeyd elədi, Qarabağ atları, Dilbaz atları, başqa-başqa cinslər olub. Mən elə bilirəm ki, bunların inkişaf etdirilməsi, yenidən yaradılması, çox vacib amillərdən biridir.
Görürsən ki, kimsə Azərbaycanda qeyri-qanuni ippodrom açır və bunun qanuni bazası olmadığından ippodromda müxtəlif yarışlar keçirilir, ortaya müxtəlif prizlər qoyurlar. Ancaq bunun qanunvericilik bazasına nəzər salsaq, görərik ki, bu, qanunvericilik bazasında tənzimlənməyib. Bunun tənzimlənməsi üçün qanunun vacibliyi lazımdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Eldar müəllim qeyd elədi ki, Fransada atçılıq sənayesi maşın sənayesindən üstünlük təşkil edir. Halbuki bizdə atçılığı inkişaf etdirmək lazımdır. İrandan ehtiyat hissələri gətirib burada “Aziz” maşını yığırıq. Heç kəsə də lazım olmayan bir maşındır. Məncə atçılığı inkişaf etdirmək lazımdır. Hər bir ölkənin sənayesinin özünün potensialları var. Ona görə də mən hesab edirəm ki, buna uyğun olaraq biz öz qanunlarımızı da qurmalıyıq. İstər kənd təsərrüfatı sahəsində, istərsə də ayrı-ayrı sahələrdə bu məsələyə diqqət yetirməliyik.
Mənim Eldar müəllimə sualım ondan ibarətdir ki, birinci növbədə Dilbaz atlarını Ermənistanda, başqa-başqa yerlərdə inkişaf etdirib, guya öz atları kimi beynəlxalq aləmə təqdim edirlər. Bu birinci məsələ. Bununla bağlı qanunvericilikdə hansı hissələr nəzərdə tutulub?
İkincisi, bəzi yerlərdən Azərbaycana istifadə olunan atlar gətirilir ki, onların pasportları yoxdur. Bilirsiniz ki, ippodroma, cıdıra çıxarılan hər bir atın özünün pasportu olmalıdır və beynəlxalq sənədlərlə təsdiq olunmalıdır. Lakin bəzi hallarda buna rast gəlmirik. Bu məsələnin həlli qanunvericilik baxımından necə nəzərdə tutulub? Ümumiyyətlə, gələcəkdə yarışların keçirilməsi üçün, kənd təsərrüfatı məhsulları kimi istifadə olunması üçün nələr nəzərdə tutulur? Məsələn, müxtəlif ölkələrdə, qonşu Özbəkistanda, Qazaxıstanda, başqa yerlərdə atlardan kolbasa istehsalında, başqa sahələrdə istifadə edirlər. Bizdə sənayedə hansı forma nəzərdə tutulur? Keçmişdə belə bir proses mövcud idi. Xahiş edirəm, indi qanun layihəsində hansı əlavələrin nəzərdə tutulduğunu Eldar müəllim bildirsin. Deputat həmkarlarımdan isə qanun layihəsinə səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Qoy cavab versin. Altı fəsildir, sonra səsə qoyarıq. Eldar müəllim, Siyavuş müəllimin suallarına cavab verin.
E. İbrahimov. Siyavuş müəllim haqlı məsələlərə toxundu. Mən çıxışımda dedim ki, ermənilər vaxtı ilə bizim atların markalarını buraxıblar. Ona görə bunu qanun şəklində yazırıq ki, maraqlananlar İnternetə girsinlər və bilsinlər ki, Dilbaz atı Azərbaycanın atıdır, erməni atı deyil.
Deyilən digər məsələlərlə də tamamilə razıyam. İnanın, Binədə özüm olmuşam, atlara baxmışam. Düzü, mən o cür təsəvvür eləmirdim. Deputat həmkarlarımı, sizin hamınızı dəvət edəcəyəm ki, gedək, həmin atlara baxaq. İnanın, siz özünüz şahid olacaqsınız ki, orada qiyməti 1 milyon, 2 milyon dollar olan atlar var. Həmin atlara baxanda rahatlıq tapırsan. Baxdıqca atları sevməyə başlayırsan. Görməyəndə bilmirsən ki, at deyilən nədir. Bəli, at Azərbaycan xalqının qeyrəti olub, namusu olub. Mən keçən dəfə dedim ki, bir kişinin atını digər kişi minəndə adamı öldürərdilər. El arasında deyirlər, at muraddır. Doğrudan da, muraddır. Mən xahiş edəcəyəm, siz baxasınız. Ondan sonra bizim parlamentimizdə atsevərlərin sayı daha da çox olacaq. Verdiyi təkliflərə görə Siyavuş müəllimə minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Təklif olundu ki, qanun layihəsini səsə qoyaq. Altı fəsildir. I və II fəsillər – “Ümumi müddəalar” və “Atçılığın dövlət tənzimlənməsi”. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.42 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
III və IV fəsillər – “Atçılıqla məşğul olan subyektlər” və “Atçılıqda damazlıq işi”. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
V və VI fəsillər – “Atçılıq biznesinin təşkili” və “Yekun müddəalar”. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.43 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Qanunu bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.44 dəq.)
Lehinə  91
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Həqiqətən, mən də görürəm ki, bu qanun layihəsinə başqa əlavələr, iradlar yoxdur. Etiraz yoxdursa, qanun layihəsini üçüncü oxunuşda səsə qoyaq. Onda xahiş edirəm, qanunun üçüncü oxunuşda qəbul edilməsinə səs verək.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünlük iclasımız işini bitirdi. Gələn iclasın vaxtı sizə xəbər veriləcək. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU