30.12.2005 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  5

Mill Məclisin  iclas  salonu.
30  dekabr  2005-c il.  Saat 12.

Mill Məclisin  Sədri
O.Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

A. Cəfərov,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi.

* * *

S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
T. Budaqov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Ü. Mürşüdov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.
İ. İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri.
Ç. Əliyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri.
B. İbrahimov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsi müdirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti və Kanada Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə.
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə.
5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə.
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqında.
7. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə.
8. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə.
9. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
10. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
11. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə.
12. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
13. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Dövlət sosial müavinətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (birinci səsvermədə).
3. “Azərbaycan Respublikası Hökuməti və Kanada Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
14. Dövlət sosial müavinətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                                   O.ƏSƏDOV

 

 

 

 


MİLLİ MƏCLİSİN İCLASI

30  dekabr  2005-c il.  Saat 12.


Azərbaycan Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.00 dəq.)
İştirak edir  84
Yetərsay  83

Səs verməyən oldumu? Xahiş edirəm, bir də qeydiyyatdan keçin.

Qeydiyyat  (saat 12.00 dəq.)
İştirak edir  89
Yetərsay  83

Çox sağ olun. Yetərsay var. Hörmətli millət vəkilləri, icazə verin, sizi 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə və qarşıdan gələn yeni il münasibəti ilə ürəkdən təbrik edim, sizə can sağlığı, xoşbəxtlik və qanunvericilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım! (Alqışlar.)
Hörmətli deputatlar, bildiyiniz kimi, Milli Məclis ənənəvi olaraq bayram ərəfəsində dövlətimizin başçısına təbrik məktubu göndərir. Xahiş edirəm, icazə verəsiniz, təbrik məktubunun mətnini sizə çatdırım.
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə.
Əziz və möhtərəm cənab Prezident!
Sizi 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni ilin gəlişi münasibəti ilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, xalqımızın firavan günlərə qovuşdurulması naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram!
Xalqımızın milli-mənəvi bütövlük amalının təcəssümü olan 31 dekabr gününün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların əziz bayramı kimi qeyd edilməsi ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının həyata keçməsində mühüm rol oynayır. Sevindirici haldır ki, yeni minilliyin ilk illərində soydaşlarımız milli həmrəyliyin və birliyin əhəmiyyətini daha dərindən dərk edir, dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsi işinə öz töhfələrini verməyə çalışırlar. Onlar gənc dövlətimizin müstəqil inkişaf yolunda inamla addımlamasından, dünya birliyində mövqelərinin getdikcə daha da möhkəmləndirilməsindən qürur hissi duyur, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın doğma torpaqlarına qayıdacaqları günləri intizarla gözləyirlər.
Möhtərəm cənab Prezident!
2005-ci il sona çatmaq üzrədir. Bu bir il ərzində Azərbaycan iqtisadiyyatı daha da möhkəmlənmiş, ölkəmizin iştirak etdiyi transmilli iqtisadi layihələr müvəffəqiyyətlə həyata keçirilmiş, yeni sənaye obyektləri istifadəyə verilmiş, iş yerləri açılmış, xalqımızın rifah halı daha da yaxşılaşmış, əmək haqları, müavinətlər və pensiyalar artırılmış, elmin, maarifin, mədəniyyətin, ədəbiyyat və incəsənətin tərəqqisi üçün düşünülmüş tədbirlər həyata keçirilmişdir.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu il noyabrın 6-da azad, ədalətli, şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri ölkəmizin demokratik inkişafının məntiqi nəticəsi olmuşdur. Bu gün üçüncü çağırış Milli Məclis ölkədə həyata keçirilən siyasi, iqtisadi, hüquqi və sosial islahatların qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün var qüvvəsini sərf etməyə hazırdır. Əmin ola bilərsiniz ki, parlament Sizin həyata keçirdiyiniz uzaqgörən daxili və xarici siyasəti fəal surətdə dəstəkləyərək, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
Əziz Prezident!
Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və 2006-cı ilin gəlişi münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!”. (Alqışlar.)
Sizin alqışları razılıq kimi qəbul eləyək. Çox sağ olun.
Gündəlik hamıya paylanıb, xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.06 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 5
İştirak edir  90
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik qəbul edildi. Hörmətli deputatlar, gündəlikdə 14 məsələ var, çalışaq, həmin məsələlərə bu gün baxıb qurtaraq. Ona görə icazə versəniz, birbaşa gündəliyə başlayarıq. Çox sağ olun.
Gündəliyin birinci məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikasının Müraciətinin təsdiq edilməsi haqqındadır. Bahar xanım Muradova, buyurun.
B. Muradova, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
“Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar və həmvətənlər!
Sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir cərgədə dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqının övladlarını mənəvi bütövlüyə, dil, əqidə, əməl birliyinə çağırış günü münasibəti ilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi Yer üzünün siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyinin misilsiz əhəmiyyət daşıdığını, ulu öndərimiz Heydər Əliyevin elan etdiyi azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları ətrafında birləşməyin zəruriliyini bu gün daha dərindən dərk edirlər. Şübhə yoxdur ki, güclü, möhtəşəm, böyük Azərbaycan milli-mənəvi bütövlüyün sarsılmaz və möhkəm təməli üzərində yüksəlməlidir.
Ötən bir ildə Prezident İlham Əliyevin uzaqgörən xarici və daxili siyasəti Azərbaycan Respublikasına çox böyük uğurlar gətirmişdir. Ümumi daxili məhsul, sənaye məhsulu istehsalı, dövlət büdcəsinin gəlirləri və digər iqtisadi göstəricilər dünyada analoqu olmayan bir sürətlə artmış, əhalinin yaşayış səviyyəsi durmadan yüksəlmişdir. Cəmiyyətdə vətəndaş həmrəyliyi bərqərar olmuşdur. Siyasi, iqtisadi, hüquqi və sosial islahatlar uğurla davam etdirilmişdir. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi təmin olunmuş, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası yolunda mühüm addımlar atılmışdır. Bu ilin noyabr ayında ölkədə keçirilmiş azad, ədalətli və şəffaf parlament seçkiləri Azərbaycanın demokratik inkişafında yeni bir mərhələ açmışdır.
Bu gün Cənubi Qafqaz bölgəsində lider mövqelərini möhkəmləndirən Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın ürəyindən xəbər verir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğundan Avropada, Asiyada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, gənc dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar.
Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, bir milyondan çox qaçqın və köçkünlərimizin doğma yurd-yuvasına dönəcəkləri günləri səbirsizliklə gözləyirlər. Qarabağ düyünü nə qədər mürəkkəb olsa da, xalqımızın əlbir səyləri bu problemin öhdəsindən gəlməyə qadirdir. Odur ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu bəlanın aradan qaldırılmasına əlindən gələn köməyi göstərməlidir. Bizim Vətən qarşısında övladlıq borcumuz xalqımızı düşündürən problemlərin həllinə öz töhfəmizi verməkdən ibarətdir. İnanırıq ki, belə də olacaqdır – qeyrətli həmvətənlərimizin birgə səyləri nəticəsində Azərbaycan bütün problemlərini uğurla həll edərək, hər kəsin firavan həyat sürdüyü xoşbəxt bir məmləkətə, Yer üzünün müxtəlif bölgələrində məskən salmış soydaşlarımızın sarsılmaz dayağına çevriləcəkdir.
Əziz həmvətənlər və soydaşlar!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti, firavanlıq arzulayır, doğma Azərbaycanımıza nurlu gələcək diləyirik!
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi”.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. (Alqışlar.)
Bu müraciətə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.12 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  1
Səs verməd 1
İştirak edir  88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin ikinci məsələsi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin, dəyişikliklərin təsdiq edilməsi haqqındadır. Bu layihə üzərində iki komissiya işləmişdir. Xahiş edirəm, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illər Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi baxımından bir çox işlər görülmüşdür. Bilirsiniz ki, parlamentdə “İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında” Qanun qəbul edilmişdir və bu təsisat Azərbaycanda yaradılmışdır. Eyni zamanda, belə bir təsisatın Naxçıvan Muxtar Respublikasında da yaradılması zəruridir, çox vacibdir. Bunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində məsələ müzakirə olunmuş, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərar Naxçıvan Muxtar Respublikasının Ali Məclisində prosedurlara uyğun olaraq 3 ay fasilə ilə iki dəfə səsə qoyulmuş və təsdiq olunmasından ötrü Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir. Bu əlavə və düzəlişlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkil təsisatının yaradılması ilə bağlı məsələləri həll edir. Mən bununla bağlı vaxt almaq istəmirəm.
Qanunun 5-ci maddəsində ali vəzifəli şəxsin səlahiyyətləri sadalanır. Buraya insan hüquqları üzrə müvəkkilin seçilməsi ilə bağlı Ali Məclisə təqdimat vermək haqqında səlahiyyət əlavə olunur.
24-cü maddədə Ali Məclisin müəyyən etdiyi ümumi qaydalar göstərilir. Bu, müvəkkilin statusu məsələsidir ki, Naxçıvan Konstitusiyasına da bunu əlavə etməliyik. Nəhayət, üçüncü əlavə 25-ci maddəyə edilən əlavədir. Bu da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin həll etdiyi məsələlərdir, yəni Ali Məclis tərəfindən Naxçıvanın insan hüquqları üzrə müvəkkilinin seçilməsidir. Beləliklə, Naxçıvan Muxtar Respublikasında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılmasından ötrü onun Konstitusiyasında bütün əsaslar nəzərdə tutulub. Hesab edirəm ki, insan hüquqlarının səmərəli müdafiə mexanizmlərindən biri kimi insan hüquqları üzrə müvəkkil təsisatının Naxçıvanda yaradılması çox vacibdir. Hesab edirəm ki, Azərbaycan parlamenti bu təşəbbüsü dəstəkləyəcək və Konstitusiya qanununu təsdiq edəcək. Çox sağ olun.
Sədrlik edən. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım da fikrini bildirsin.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, bu gün, doğrudan da, kifayət qədər vacib bir sənədə baxırıq, münasibətimizi bildiririk. Məlumdur ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutunun təsis olunmasından artıq 4 il keçib və artıq 3 ildir, həmin institut fəaliyyətini davam etdirir. 3 il az vaxt deyildir. 3 il ərzində İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin uğurları göz qabağındadır.
Nəyə görə 3 ildən sonra Naxçıvan Konstitusiyasına bu əlavə və dəyişikliklər edilir? Məsələ burasındadır ki, institutun özünü necə doğrultması, institutun fəaliyyətinə yeni bir dəyişiklik edilib-edilməməsi kifayət qədər aktual idi. Biz demokratik cəmiyyətdə yeni təsisatların yaradılması məsələsinə ciddi münasibət bəsləməliyik. Çox uğurlu haldır ki, bu təsisat özünü doğrultdu. Hesab edirəm ki, belə bir təsisatın Naxçıvan Respublikasında da yaradılması insan hüquqları və azadlıqlarının qorunması sahəsində irəliyə doğru addım olacaq. Burada yaranmış ənənələrdən Naxçıvanda yaranmış institut istifadə edəcək və bu çox vacib bir məsələdir. Hesab edirəm ki, həmkarlarım bu dəyişikliyə səs verəcəklər.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri, doğrudan da, müzakirəyə çıxarılan məsələ çox aktual, vacib, zəruri bir məsələdir. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası uzun müddətdir ki, blokada şəraitində yaşayır. Naxçıvanın Azərbaycanın digər bölgələri ilə hava nəqliyyatından başqa digər nəqliyyat vasitələri ilə əlaqə saxlamaq imkanları çox məhduddur. Qış aylarında dumanın düşməsi ilə əlaqədar olaraq elə olur ki, sutkalarla, həftələrlə hava nəqliyyatı da işləmir və vətəndaşların hər hansı instansiyaya müraciət məsələsi, doğrudan da, aktual problemə çevrilir. Ona görə də mən hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına bu dəyişiklik lazımdır. Orada Ombudsman institutunun təsis olunması və onun Naxçıvan Ali Məclisi tərəfindən seçilməsi çox zəruridir və mən deputat həmkarlarımı bu məsələyə səs verməyə çağırıram.
Bilirsiniz ki, insan hüquqlarının qorunması məsələsinə diqqət ölkəmizin hər yerində vacibdir və hər yerində bu gözlənilir və nəzarət edilir. Naxçıvan Muxtar Respublikasında da belə bir institutun fəaliyyətinin aparılması əsas şərtlərdən biridir. Qeyd eləmək istəyirəm ki, son dövrdə dünya mətbuatında, ermənilər tərəfindən Naxçıvanda ermənilərə məxsus tarixi abidələrin dağıdılması, ayrı-ayrı məsələlər haqqında yalan-böhtan məlumatlar verilir, çap olunur. Bu və ya digər şəkildə Naxçıvan Muxtar Respublikasının tarixinə, onun mədəniyyətinə, inkişafına qarşı təxribat planları hazırlanır. Məhz belə planların aradan qaldırılması, Naxçıvan Muxtar Respublikasına qarşı bu işlərin aparılmasının qarşısını almaqdan ötrü nəinki həmin institut və digər institutların da təsis olunması, bəzi işlərin aparılması vacib məsələdir.
Vaxtı ilə Dağlıq Qarabağla bağlı da belə fikirlər o vaxtkı ittifaq mətbuatında yayılırdı. Biz buna laqeyd münasibət bəsləməsə idik, bəlkə də məsələlər bu vəziyyətə gəlib çıxmazdı. Ona görə də burada ciddi olmalıyıq və qarşıya qoyulan məqsəd və verilən təkliflə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələri, dəyişiklikləri dəstəkləməliyik. Buna səs verməliyik.
Gündəliyin 10-cu maddəsində də bir məsələ var. Bununla bağlı mən çıxış edəcəyəm. Naxçıvan Muxtar Respublikasına aid bir məsələdir. Amma hələlik deputat həmkarlarımdan bu məsələyə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Mən də deputat həmkarım kimi bu dəyişikliyi düzgün sayıram və ona səs verəcəyimi bildirirəm. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında bu təsisatı yaratmaqla biz onun muxtariyyətini tamamlamış oluruq. Naxçıvanın bu gün Ermənistanın blokadası nəticəsində Azərbaycandan bir qədər kənarda qaldığına görə onun vətəndaşlarının müraciət və hər hansı problemlərini yerində həll etmək mümkün olacaq və eyni zamanda, orada insan hüquqlarının qorunmasını dünya standartlarına çatdırmaq mümkün olacaq. Hesab edirəm ki, bu çox düzgün addımdır. İnsan hüquqları üzrə müvəkkil institutunun Naxçıvanda yaradılması Azərbaycanda demokratiyanın inkişafında növbəti və zəruri bir addımdır.
Qeyd edim ki, bu çox gözəl bir təşəbbüsdür. Gələcəkdə Dağlıq Qarabağ məsələsi həll ediləndən və Dağlıq Qarabağa yüksək muxtariyyət veriləndən sonra orada da insan hüquqları üzrə müvəkkillik yaratmaq olar. Mən buna səs verəcəyəm. Bunu vaxtında atılmış addım kimi qiymətləndirirəm. Bununla bərabər hörmətli Əli Hüseynova bir sualım var. Mən bilmək istərdim ki, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili tamamilə müstəqil təsisat, yoxsa Azərbaycan Respublikası insan haqları müvəkkilinin tərkib hissəsi olacaq? Yəni onlar qarşılıqlımı işləyəcəklər, yoxsa onun strukturu formasında olacaq? Bu bir sualım.
İkinci sualım ondan ibarətdir ki, Azərbaycanın Ombudsmanı Ombudsmanlar Assosiasiyasının üzvüdür və həmin assosiasiyada, tədbirlərdə tez-tez iştirak etməklə Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində fəaliyyət barəsində məlumat verir. Mən bilmək istərdim, Naxçıvanın ombudsmanı da həmin assosiasiyaya öz statusuna, fəaliyyətinə görə üzv ola biləcəkmi? Naxçıvan, orada görülən işlər, insan hüquqlarının qorunması istiqamətində atılan addımlar haqqında ombudsman vasitəsilə məlumat verilə bilərdi. Mən dəyişikliyi bəyənirəm və ona səs verəcəyimi bildirirəm.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Çıxış üçün təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Əli müəllim Aydın müəllimin sualına qısaca cavab versin, sonra layihəni səsə qoyaq.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Əgər düz başa düşdümsə, birinci sualda söhbət Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin müstəqil struktur kimi fəaliyyət göstərməsindən gedirdi. Bəli, bu, həqiqətən, belədir. Bu qurum Konstitusiya qanunu ilə yaradılır. Təbii ki, öz fəaliyyətini həyata keçirməkdən ötrü bu qurumun katibliyi, aparatı olacaqdır və müstəqillik baxımından muxtar respublikanın statusuna uyğun olacaq. Tamamilə düzgün qaldırılmış məsələdir. Əminəm ki, qısa zaman çərçivəsində Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili beynəlxalq əlaqələr də quracaq və beynəlxalq assosiasiyanın üzvü də olacaq. Mən əminəm ki, bunlar baş verəcək və seçilən müvəkkillərdən biri olacaq. Əminəm ki, Ali Məclis də Naxçıvanda bu sahədə ixtisaslaşmış, nüfuza malik bir şəxsi seçəcək və ona da gələcək işlərində uğurlar arzulayacağıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Bildiyiniz kimi, bu, Konstitusiya qanununa dəyişiklikdir. 95 səslə keçməlidir. Xahiş edirəm, səsvermədə diqqətli olasınız. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.24 dəq.)
Lehinə  96
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0
İştirak edir  97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin üçüncü məsələsi “Azərbaycan Respublikası Hökuməti və Kanada Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədədir. Bu haqda müzakirələr iki komissiyadan keçib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Kanada Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında” Konvensiya bu gün sizin müzakirənizə təqdim olunur. Mən ilk öncə demək istəyirəm ki, belə konvensiyalar parlamentimizdə dəfələrlə qəbul olunmuşdur. İkiqat verginin aradan götürülməsi haqqında konvensiyalar Azərbaycanın xarici ölkələrlə iqtisadi münasibətlərinin inkişafına xidmət edən konvensiyalardır. Bu konvensiya da həmin səpkidə, istiqamətdə olan konvensiyalardan biridir. Adətən, belə konvensiyaların təqdimatını və onlar haqqında ilk sözü bizim İqtisadi məsələlər daimi komissiyası təqdim edir. Ancaq bu dəfə bizim komissiya öz rəyini verir. Buna görə mən bizim hörmətli sədrə, Oqtay müəllimə minnətdarlığımı bildirirəm.
Bu konvensiyanın xüsusiyyətləri ilə yanaşı, bəzi problemlər yaranmışdır. Burada əyləşən millət vəkilləri, yəqin, xatırlayırlar ki, ikinci çağırışda biz bu konvensiyanı bir dəfə müzakirəyə çıxarmışdıq. Bildiyiniz kimi, bu konvensiyanın qəbulu məsələsinin saxlanılması və araşdırılması tövsiyə olunmuşdu. Məlumat üşün bildirmək istəyirəm ki, bu konvensiya artıq 2005-ci ilin aprel ayında Kanada tərəfindən ratifikasiya olunub, ancaq bizdə hələ indiyədək ratifikasiya olunmayıb. Buna səbəb cari ilin mart ayında həm bizim komissiyanın üzvlərinin, həm də millət vəkillərinin məsələ qaldırmaları oldu. Bu isə Kanada şirkətinin Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərməsi ilə əlaqədar idi.
Konvensiya ilə yox, məhz yaranmış suallarla bağlı araşdırmalar aparılmışdır. Kanada biznesinin və ya biznes strukturlarının Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət problemi yaranıb. Kanadanın iki şirkəti Türkmənistan hökuməti ilə Xəzər dənizindəki “Kəpəz” neft yatağının istifadə olunması və bağlanmış müqaviləyə əsasən hal-hazırda fəaliyyət göstərib-göstərməməsi ilə bağlı ciddi araşdırmalar aparılmışdır. Bu, birinci firmadır. İkinci firma Kanadada qeydiyyatdan keçmiş və Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının istismarı ilə bağlı fikirlər Milli Məclisdə səslənmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası Milli Məclisin rəhbərliyinin tapşırığı əsasında Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi və fövqəladə və səlahiyyətli səfir Fəxrəddin müəllim ilə və müvafiq strukturlarla birgə araşdırmalar aparılmış və bu istiqamətdə xüsusi işlərin təşkili ilə məşğul olunmuşdur. Bunun əsasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası tərəfindən Kanadanın parlamentinin beynəlxalq münasibətlər komissiyasının rəhbərinə müzakirələr zamanı yaranmış problemlər haqqında və biznes strukturlarının Azərbaycanın ərazisində Azərbaycan-Kanada münasibətlərinə xələl gətirən fəaliyyəti ilə bağlı konkret müraciətlər və məktublar göndərilmişdir.
Bununla yanaşı, çox vacib bir məsələ də ondan ibarət idi ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi səviyyədə Kanada Xarici İşlər Departamentinə bu problemlə əlaqədar respublikamızın mövqeyini çatdırmışdır. Bundan başqa, başa düşürük və dərk edirik ki, bu problem kütləvi informasiya vasitələrində də işıqlandırılmalıdır. Özü də yalnız Azərbaycan kütləvi informasiya vasitələrində yox, məhz elə Kanadanın özündə, Kanada mətbuatında bu problemlərlə əlaqədar bir neçə məqalə, o cümlədən əsas qəzet olan “Qlob and meyl” qəzetində Azərbaycanın narahatlığını əks etdirən böyük bir məqalə dərc olunmuşdur. Təbii, bu məqalələrdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətindən, Azərbaycan Respublikası Milli Məclisinin müzakirələrinin mətnlərini və iradlarını, fikirlərini Kanada tərəfinə çatdırandan sonra biz lazımi siyasi dividendlər əldə edə bilmişdik.
Konkret hansı nəticələr əldə etdiyimiz haqda sizi məlumatlandırmaq istəyirəm. Hazırda “Kəpəz” yatağında “Benet Hil Enerci” adı altında fəaliyyət göstərən firma heç bir iş görmür. 2004-cü ildə qeydiyyatdan keçmiş bu şirkət, ümumiyyətlə, Kanada işgüzar dairələrində, demək olar ki, tanınmır. İlk dəfə fəaliyyətə başlamaq niyyətində olan bu şirkət kredit almaq üçün Amerika Birləşmiş Ştatlarına müraciət etmişdir. Məsələlər bu şəkildə cərəyan etdiyinə görə Amerika firmaları ona kredit verməkdən imtina etmişlər. Kanadanın bu şirkətinin, siz bilirsiniz, ilkin təqdimatını Türkmənistanda keçmiş Baş nazir Jan Kretyen etmişdir. Jan Kretyen bu hərəkətinə görə Kanadanın kütləvi informasiya vasitələrində böyük və kəskin tənqid ilə rastlaşmışdır. İkinci şirkət “Soulinq Qold ltd” adı altında bizim işğal olunmuş rayonların qızıl yataqlarında fəaliyyət göstərən Kanada şirkətidir. Rəsmi məlumata görə bu şirkət yalnız Kanadada qeydiyyatdan keçirilmişdir. Ancaq, əslində, şirkətin bütün işçiləri Ermənistanda yerləşirlər və Ermənistanda fəaliyyəti təşkil edərək bizim işğal olunmuş rayonlarda belə araşdırmalar aparmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi lazım olan materialları toplamış və beynəlxalq strukturlara, beynəlxalq təşkilatlara müraciət etmişdir.
Rəsmi olaraq Kanada Hökumətindən hansı cavabları əldə etmişik? Yəni bu məlumatlardan başqa Kanada Hökumətinin bununla əlaqədar rəsmi hərəkəti nədən ibarətdir? Ondan ibarətdir ki, Azərbaycan Hökumətinin narahatlığı ilə əlaqədar bizə məlumat verir ki, hər iki şirkətə qeyri-qanuni fəaliyyəti ilə bağlı xüsusi xəbərdarlıq məktubu göndərilmişdir. Kanada Hökuməti bildirir ki, Kanadanın qanunvericiliyinə əsasən dövlət özəl strukturların fəaliyyətinə qarışmaq ixtiyarında deyil. Ancaq bu şirkət ilə bağlı hər hansı bir hüquqi məsələ qalxacaqsa, Azərbaycan tərəfi məhkəmədə bu prosesləri araşdıracaqsa, Kanada Hökuməti bu şirkətlərin müdafiəsindən imtina edəcək. Ona görə ki, Kanada qanunvericiliyinə əsasən xaricdə qeydiyyatdan keçmiş hər bir təşkilat, firma və vətəndaş Kanada tərəfindən məhkəmədə müdafiə olunur. Bu şirkətlər rəsmi olaraq Kanada Hökumətinin təklifinə və məktubuna əsasən müdafiə olunmayacaqlar.
Ümumiyyətlə, Kanada Hökuməti dairələrində öz tərəfindən Azərbaycanın narahatlığının aradan götürülməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Həm bizim Xarici İşlər Nazirliyi, həm Milli Məclis, həm də Milli Məclis Aparatının şöbələri tərəfindən Azərbaycanla Kanada arasında mövcud əlaqələri genişləndirmək istiqamətində lazımi tədbirlər görülmüşdür. Kanada tərəfi də, Azərbaycan tərəfi də bu sazişin ratifikasiya olunmasına tərəfdardırlar. Ona görə ki, bu sazişin ratifikasiya olunması Kanada investorlarının, biznesinin normal, qanuni və Azərbaycanın maraqlarına xidmət edən şəkildə Azərbaycana gəlişini təmin edir. Bu isə tam şəkildə Azərbaycanın maraqlarına uyğundur. Biz bu məlumatı komissiya üzvlərinə təqdim edərək yekdilliklə həmin konvensiyanın ratifikasiya olunmasına tərəfdar çıxmışıq. Ona görə sizdən xahiş edirəm, bu konvensiyanın ratifikasiya olunmasına səs verəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İcazə verin, İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə də söz desin.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Səməd Seyidovun ətraflı məlumatı təbii ki, Milli Məclisin üzvlərinə bu məsələdə aydınlıq gətirdi. Mən tamamilə razıyam ki, müasir şəraitdə – Azərbaycanın beynəlxalq əlaqələrinin intensiv inkişaf etdiyi bir şəraitdə bu kimi məsələlərin birinci olaraq Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında müzakirəsi çox vacibdir, çünki Azərbaycan qloballaşan dünyada yaşayır. Qloballaşan dünyada hər bir ölkənin maraqları var. Bu baxımdan Azərbaycan da beynəlxalq münasibətlərdə öz maraqlarını qorumaq əzmindədir və həmin sahədə də cəsarətli addımlar atır. İkiqat vergitutmanın mənfi cəhətləri hamıya aydındır. İkiqat vergitutma istər başqa ölkələrdə, istərsə də Azərbaycanda investorların maraqlarına bilavasitə təsir eləyir. Ona görə də ikiqat vergitutma məsələsi bütün sivil ölkələrdə birmənalı şəkildə aradan qaldırılır. Azərbaycan artıq 23 ölkə ilə belə müqavilələr bağlamışdır. Hal-hazırda 40-a yaxın ölkə ilə danışıqlar gedir. Bəzi ölkələrlə müqavilələr artıq imzaya verilib. Bəzi ölkələrə müraciət edilib. Səməd müəllim tamamilə düzgün qeyd etdi ki, ikiqat verginin aradan qaldırılması Azərbaycanın milli maraqlarına cavab verir. Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır.
Ən başlıca məsələlərdən biri ondan ibarətdir ki, ikiqat verginin aradan qaldırılması vergidən yayınma hallarının qarşısının alınması üçün Azərbaycanın və digər ölkənin vergi orqanları arasında səmərəli informasiya mübadiləsinin aparılması üçün hüquqi əsasların təminatı kimi çıxış edir. Bu saziş olmadan belə mübadiləni aparmaq qeyri-mümkündür. Məlumat üçün bildirmək istəyirəm ki, İqtisadi siyasət daimi komissiyasında Azərbaycan-Kanada arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı məsələ ciddi müzakirə obyekti oldu. Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin peşəkar əməkdaşları, məsul şəxsləri bu barədə ətraflı məlumat verdilər. Sazişin strukturu dünyada qəbul edilmiş ənənəvi saziş strukturu kimi təqdim olunub. Səməd Seyidov ətraflı məlumat verdi. Doğrudan da, bu məsələlər cəmiyyətdə, kütləvi informasiya vasitələrində müəyyən mübahisələr doğururdu. Eyni zamanda, iqtisadi baxımdan da ikiqat vergitutmanın aradan qaldırılması Azərbaycan-Kanada münasibətlərinin inkişafına, bütünlükdə Azərbaycanın beynəlxalq aləmdə azad iqtisadiyyat, sivil dünyəvi bir dövlət qurmaq imkanları barədə olan informasiyaların daha da genişlənməsinə təminat verəcəkdir. Ona görə də bizim komissiya da yekdilliklə bu sazişin ratifikasiya olunmasına tərəfdardır. Sizdən də xahiş olunur ki, bu məsələyə öz münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Çıxış üçün 7 nəfər yazılıbdır, müzakirə eləməliyik. Bu, beynəlxalq konvensiyadır, bununla bağlı Milli Məclis də, Xarici İşlər Nazirliyi də, Azərbaycan hökuməti də öz prinsipiallığını göstərdi. Bir il ərzində işlər görüldü. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, bizə söz verdiyiniz üçün Sizə təşəkkür edirəm. Bəli, bu məsələ ilə bağlı çıxış etməmək mümkün idi. Həm hörmətli Səməd müəllimin, həm də Ziyad müəllimin cavabları bizi qane edir. Bir dəfə bu məsələ parlamentin ötən çağırışında gündəmə gəlmişdi. Mən hesab edirəm ki, Kanada hökumətinin cavabını qənaətbəxş saymaq olar. Bir şirkət ilə bütöv Kanada dövlətini eyniləşdirmək olmaz. Mən şəxsən bu sənədə səs verəcəyəm və onun ratifikasiya olunmasına tərəfdaram. Lakin məni qayğılandıran başqa bir problemdir.
Cənab Sədr, mən düşünürdüm ki, bizə təqdim olunmuş Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanun layihəsi bu gün müzakirəyə çıxarılacaq. Görünür ki, gələn sessiyaya qalır. Ona görə də mənim qaldıracağım məsələ bu problem ilə əlaqədar olduğu üçün istəyirəm, yeni təqvim ilinin əhval-ruhiyyəsi ilə uyğun olmasa da, gündəmə gətirim. Əlbəttə, Azərbaycan hökuməti bütövlükdə çalışır ki, ölkə vətəndaşlarının xarici ölkələrə gediş-gəlişi, onların əmək hüquqlarının, siyasi hüquqlarının, ümumiyyətlə, vətəndaş hüquqlarının qorunub saxlanması üçün beynəlxalq konvensiyalara qoşulsun. Eyni zamanda, bu cür ikitərəfli sazişlər, protokollar imzalanır. Elə iki gün öncə Almaniya-Azərbaycan arasında bu cür ikiqat vergitutma ilə bağlı məsələlər öz hüquqi qüvvəsini almış oldu. Biz yəqin ki, həmin sənədi burada təsdiq edəcəyik.
Cənab Sədr, təxminən 6 aya qədər bir vaxtdır ki, Azərbaycan vətəndaşlarının xaricə gediş-gəlişində çox ciddi problemlər yaranır. Ola bilsin, bu problemlərin mayasında Fransa cəmiyyətində baş verənlər durur. Bəlkə təkcə müsəlmanlara və ya bütün xarici ölkə vətəndaşlarına qarşı belə münasibətlər var? Bunun da bir payını Azərbaycana ünvanlayıblar. Amma bunun səbəblərini aramadan diqqətinizə onu çatdırmaq istəyirəm ki, hər bir Azərbaycan vətəndaşı indiyə qədər bu cür ticari əlaqələrini qurmaq ücün xaricə getmək ilə bir tərəfdən öz yükünü dövlətin üzərində qoymadan və öz yükünü özü çəkməklə fəaliyyət göstərirdi. Heç kəsə sirr deyil ki, xaricdən göndərilən dəvətnamələrin də arxasında müəyyən maliyyə dayanır. Buradan alınan vizalar da müəyyən maliyyələr hesabına başa gəlir. Bu qayda ilə hər iki tərəf bundan faydalanır. Bu 6 ay müddətində yaranmış bu problemin səbəbləri heç kəsə bəlli deyil. Amma Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bununla bağlı çox ciddi məhrumiyyətlər qarşısındadır.
Mən çox istərdim ki, bu məsələdə biz sovet yanaşması eləyib hər şeyi dövlətin üzərinə atmayaq. Təəssüf ki, mən üzümü vestibüldə əyləşən mətbuat nümayəndələrinə çevirə bilmirəm. Amma elektron fikir nümayəndələri məni eşidirlər. Mən istəyərdim ki, yeni ildən sonra hər bir kütləvi informasiya vasitəsinin nümayəndəsi Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin qapısını döysün, sual etsin ki, nədən Azərbaycanın, məsələn, neftinin Bosfor boğazına getməsinə sevinirik, amma Azərbaycan vətəndaşının Avropaya gedişinin qarşısında bu cür baryerlər yaradırıq? Azərbaycan özünün strateji seçimini, beynəlxalq oriyentasiyasını Qərbə, Avroatlantik məkana elədiyi üçünmü? Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ ilə bağlı əlavə problemlər də ondan ibarətdir ki, vətəndaş viza almaq üçün müxtəlif mərhələləri keçir, yəni müəyyən ödənişlər eləyir, tələb olunan sənədləri verir. Lakin günün birində ondan imtina olunur. Özü də əvvəllər göndərilmiş birillik, ikiillik dəvətnaməyə, heç olmasa, 6 aylıq icazə sənədləri verilirdisə, indi cəmi 15 günlük verilir. Xidmətlərin demək olar ki, əksəriyyətindən tamamilə imtina olunur. Onlar özləri də, ailə üzvləri də, diplomatik pasport daşıyıcılarının ən yaxın ailə üzvlərinin də getməsinə icazə almaq üçün çox ciddi baryerlərdən keçirlər.
Əlbəttə, biz hər hansı Avropa ölkəsinin nümayəndəsindən tələb edə bilmərik ki, bizim vətəndaşı Avropaya burax. Bəli, biz Şengen müqaviləsinə qoşulmamışıq, Azərbaycan dövləti olaraq Avropa Birliyinin üzvü deyilik. Lakin bunun siyasi cəhətdən izahını verməliyik ki, Azərbaycan Avropa ilə əlaqələrini qurur, vətəndaşını Rusiyaya göndərməli deyil. Biz vətəndaş olaraq Avropaya inteqrasiyada maraqlıyıq. Hörmətli cənab Sədr, mən bilirəm ki, Siz də bu məsələ ilə bağlı qeyd olunan, çoxlu insanların narahatlığına səbəb olan informasiyaları götürəcəksiniz. Mən bilirəm ki, Siz xarici ölkə səfirləri ilə fəal görüşlərə başlamısınız. Çox arzu edərdim ki, bu məsələ onlara çatdırılsın. Mən bunun ictimai təsirini düşünürəm. Mətbuat nümayəndələri də səfirliklərə getməlidirlər. Bu məsələni Sizin diqqətinizə çatdırmaq istərdim, çünki növbəti iclasımız 2 aydan sonra olacaq. Ona görə məni üzürlü sayın. Mənə çıxış üçün imkan verdiyinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ancaq bundan sonra, xahiş edirəm, gündəlik haqqında danışaq. Bu məsələləri ayrıca da həll edə bilərik. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə də, səfirlərə də müraciət eləyərik. Düzgün qaldırılmış məsələdir.
Burada çıxış üçün təkid edənlər var. Eldar müəllim, bir də İqbal Ağazadə danışmaq istəyir. Buyurun, Eldar müəllim.
E. İbrahimov. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən 3 dəqiqə yox, 1 dəqiqə danışacağam, çünki hörmətli həmkarım Səməd müəllim o qədər geniş, ətraflı danışdı ki, doğrudan da, heç bir müzakirəyə ehtiyac yoxdur. Səməd müəllim dedi ki, Kanada Hökuməti həmin şirkətləri məhkəmədə müdafiə etməyəcək. Mən bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Biz hörmətli həmkarım Fəttah müəllimlə bir yerdə bu il Vaşinqtonda, ATƏT-in Parlament Assambleyasının iclasında olarkən mən Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi bu məsələ barədə Kanada deputatları ilə görüşüb söhbət eləmişəm. Kanadanın ən nüfuzlu deputatlarından biri ATƏT-in Parlament Assambleyasının xəzinədarıdır, nüfuzlu bir şəxsdir. Onunla söhbət eləyəndə o bu barədə dedi. Yəni təkcə hökumət yox, həm də Kanada parlamenti də həmin şirkətləri dəstəkləmir. Bu şirkətlərin Kanadada heç bir dəstəyi yoxdur. Sadəcə olaraq, Kanada və Azərbaycan dövlətləri, parlamentləri arasında münasibətlərin daha da istiləşməsi, yaxşılaşması üçün biz bu protokolu, sazişi təsdiq etməliyik. Ona görə mən də həmkarlarımdan xahiş edirəm ki, bu konsepsiyanı təsdiq etsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirəmizə təqdim olunmuş bu sənəd gələcəkdə bir sıra ciddi presedentlər yarada bilər. Biz hər hansı bir Kanada şirkətinin Dağlıq Qarabağda bu və ya digər şəkildə qeyri-qanuni işinə sanki göz yummuş oluruq. Kanada hökuməti iddia edir ki, şirkət bizdə qeydiyyatdan keçir, amma bizim bu məsələdə hər hansı bir rolumuz yoxdur. Bu, təkcə Kanadada belə deyil. Şirkət və ya hər hansı bir qeyri-hökumət strukturu həmin ölkədə yalnız qeydiyyatdan keçirilir. Onun dövlətə aidiyyəti məhz hüquqi cəhətdən həmin ölkədə qeydiyyatdan keçməsi ilə əlaqədardır. Başqa heç nə ilə əlaqədar deyil.
Burada deyirlər ki, sabah hər hansı bir mübahisə yaranarsa, Kanada Hökuməti məhkəmədə həmin şirkəti müdafiə eləməyəcək. Hökumət hansı ixtiyarla azad məhkəmələrin işinə qarışa bilir? Məhkəmə hər zaman azaddır. Bəli, hökumət onu müdafiə eləməyəcək, amma vəkil tutacaq. Kanada məhkəməsi baxacaq və məhkəmə sərbəst surətdə qərar çıxaracaq və həmin təşkilat da uda bilər. Hökumət hansı şəkildə müdafiədən imtina eləyə bilər? Məgər hökumət məhkəmə strukturunun işinə qarışa bilir? Avropa ölkələrində, demokratik sayılan ölkələrin heç birində məhkəmə strukturunun işinə nə hökumət, nə də bir şəxs qarışa bilməz. Ona görə bu iddia, dəlil, əslində, ratifikasiya üçün əsas ola bilməz. Bu çox ciddi bir presedentdir.
Sabah hər hansı bir ölkə də bu şəkildə öz nümayəndələrini yerləşdirəcək, işləyəcəklər. Nəticə etibarı ilə biz hər addımda, hər gün Dağlıq Qarabağda iqtisadiyyatın inkişafından tutmuş onların beynəlxalq əlaqələrinin formalaşmasına qədər şərait yaradacağıq. Buna görə də Azərbaycanda bu cür saziş layihələrinin hamısı birmənalı olaraq Milli Məclis tərəfindən rədd edilməlidir. Həmin hökumətlər də bilmədilər ki, Azərbaycanın işğal altında olan ərazisində, BMT-nin rəsmi surətdə Azərbaycanın ərazisi kimi tanıdığı bir ərazidə qeyri-qanuni işləmək mümkün deyil. Buna görə hökmən Azərbaycan Hökumətinin, dövlətinin razılığı olmalıdır. Mən ona görə də hörmətli millət vəkillərindən xahiş eləyirəm, bu konvensiyanın əleyhinə səs versinlər və gələcək üçün də, indiki dövr üçün də presedent yaratmasınlar. Kanada Hökumətinin verdiyi “biz məhkəmədə bunu müdafiə etməyəcəyik” vədi bunun qəbul edilməsi üçün əsas ola bilməz. Bir daha təkrar edirəm, məhkəmələrin işinə hər hansı bir hökumətin müdaxiləsi qadağandır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, Səməd müəllim bu suala cavab versin.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Minnətdaram ki, mənə söz verdiniz. Əslində, mən həm Eldar müəllimə, həm də həmkarlarımıza minnətdaram. Ancaq İqbal müəllimin dediyi bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Əslində, elə deyil. Azərbaycan Hökuməti, Xarici İşlər Nazirliyi Azərbaycanda bu sazişin qəbul olunması ilə bağlı məntiqli, əsaslı, ardıcıl iş aparmışdır. Yəni Azərbaycan Hökuməti rəsmi müraciət edərək Kanada Hökumətindən rəsmi cavab almışdır. Bu, hansısa bir vəkilin tutulması ilə əlaqədar deyildir. Kanada Hökumətinin bu fəaliyyətə birbaşa rəsmi cavabıdır. Həmin rəsmi sənəd öz hüquqi qüvvəsinə və çəkisinə malikdir. Azərbaycanın işğal olunmuş ərazisində Kanada şirkəti fəaliyyət göstərmir. Ermənilər bunu Zod qızıl yatağında fəaliyyətlə əlaqələndirirlər. Siz çox gözəl bilirsiniz ki, Zod yatağı Ermənistan və Azərbaycanın sərhədində yerləşən bir yataqdır. Ancaq bizdə olan məlumata görə Ermənistan ərazisində araşdırmalar aparılmışdır, Azərbaycan ərazisində də araşdırmalar aparılması ehtimal edilir. Məhz ona görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bizim xüsusi orqanlarımız bununla əlaqədar bütün lazım olan sənədləri toplayıblar və beynəlxalq strukturlara, o cümlədən Kanada Hökumətinə çatdırıblar.
Nəhayət, Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin müəllim, burada məndə sənədlər var, Kanada parlamentində, Kanada Hökumətində nazirlərlə rəsmi görüşlərinin stenoqramını bizə göndərib. Onlar hamısı rəsmi şəxslərdirlər və rəsmi şəxslərin hamısı bəyan edirlər ki, həmin şirkətlərin Kanada tərəfindən dəstəklənməsi mümkün deyil. Bu sazişin gələcəkdə fəaliyyət göstərməsi mümkün deyil.
Nəhayət, axırıncı. Azərbaycanın işğal olunmuş ərazilərində belə bir fəaliyyət olarsa, bununla əlaqədar biz hamımız, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də başqa müvafiq strukturlar tədbirlər görməlidirlər. Ancaq Azərbaycan-Kanada münasibətlərinə, xüsusi ilə iqtisadi münasibətlərinə xələl gətirərək bu konvensiyadan imtina etmək Azərbaycanın milli maraqlarına uyğun deyil. Biz onda könüllü olaraq dünyada tanınmış, nüfuzlu, güclü, iqtisadi cəhətdən çox yüksək səviyyədə olan bir ölkənin Azərbaycanda fəaliyyətindən imtina edirik. Bu, Azərbaycanın maraqlarına yox, ermənilərin maraqlarına sərf edən bir məsələdir. Ona görə bu baxımdan yanaşmaq və fəaliyyəti iki istiqamətdə aparmaq lazımdır. Bir istiqamət – bu konvensiya ratifikasiya olunmalıdır. İkinci istiqamət – Kanada Hökumətinin bəyan etdiyi sənədlər, vədlər və məsələlər araşdırılmalıdır və sona qədər bu iş aparılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklifləri dedik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Asim müəllim, onda gərək 10 nəfərin hamısı bir-bir öz mülahizələrini desinlər. Təklif var ki, səsə qoyulsun. Bu təqdirəlayiq bir məsələdir, həmin sənəd üzərində biz keçən ildən işləyirik. Səsə qoyaq. Xahiş eləyirəm, Asim müəllim, təkliflərinizi yazılı surətdə verəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox təkid edirsinizsə, buyurun, Asim müəllim.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Sadəcə olaraq, mən xatırlatmaq istəyirəm ki, bu sazişdən imtina etmək qərarı Azərbaycan parlamenti tərəfindən verilmişdi. Biz indi ümid edə bilmərik ki, Azərbaycan Hökuməti, Xarici İşlər Nazirliyi bu məsələləri dəyişdirəcək. Axı, bu səhv onlar tərəfindən edilmişdir. Biz keçən dəfə bu sazişi müzakirə edəndə Xarici İşlər Nazirliyindən xahiş etdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində işləyən şirkətlərin və həmin şirkətlərin məxsus olduğu ölkələrin siyahıları bizə təqdim olunsun. Ermənistanla fəal iqtisadi əlaqələr quran şirkətlərin Azərbaycanda işləməsi məqbul qəbul olunmasın. Bu məsələ ilə bağlı biz hələlik Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə xüsusi bir idarəsindən heç bir sənəd almamışıq.
Mən də Kanada ilə sazişin ratifikasiyasına tərəfdaram. Ona görə ki, Azərbaycan parlamentinin sərt reaksiyasından sonra biz Kanada Hökumətindən bir müsbət cavab aldıq. Düşünürəm ki, bu saziş təsdiq olunmalıdır. Sadəcə, digər ölkələrə məxsus şirkətlər öz fəaliyyətləri ilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırlar. Azərbaycanın işğal olunmuş ərazisində bu gün turnirlər, konsertlər keçirilir. Azərbaycan viza vermədən bizim ərazimizə bir sıra ölkələrin nümayəndələri gəlirlər. Bununla bağlı xarici işlər naziri parlamentin müraciətinə heç bir cavab verməyib. Yaxud veribsə, nə üçün biz indiyə qədər bununla bağlı məlumatlanmamışıq? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, bu məsələni işçi qaydasında həll eləyə bilərik. Xahiş edirəm, məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.58 dəq.)
Lehinə  88
Əleyhinə  4
Bitərəf  4
Səs verməd 0
İştirak edir  96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədədir. Güman edirəm ki, bu məsələ bayram əhval-ruhiyyəsini bir az da artıracaq. Buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Oqtay müəllimin söylədiyi kimi, həqiqətən, möhtərəm Prezidentimiz qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək növbəti dəfə parlamentə əhalinin rifahına xidmət edən qanun layihəsi göndərmişdir. Bayram ərəfəsində bu qanun layihəsi, sözün əsl mənasında, xalqımıza xüsusi bayram ovqatı gətirəcəkdir. Hamınıza paylanan layihədə Əmək Məcəlləsinin 105-ci maddəsinə aşağıdakı dəyişikliklər və əlavələr edilir. “Maddənin 1-ci hissəsinin ikinci abzasında “Yanvarın 1-də” sözləri “Yanvarın 1 və 2-də” sözləri ilə, on dördüncü abzasının birinci cümləsində “ bir gün” sözləri “iki gün” sözləri ilə əvəz edilsin”.
 Bu dəyişikliyin ikinci ən vacib məsələsi odur ki, həmin maddəyə 4-cü hissə əlavə olunur. Bu hissədə yazılıb: “4. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir”. Mən bir daha Prezidentimizə belə bir layihəni parlamentə göndərdiyinə görə sizin adınızdan öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu, əhalimizin bayram ovqatını xeyli yaxşılaşdıracaq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Məncə, gündəliyin bu məsələsini heç müzakirə etməyə də ehtiyac yoxdur. Biz möhtərəm Prezidentimizə təşəkkür edirik. Xahiş edirəm, gündəliyin bu məsələsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.01 dəq.)
Lehinə  81
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 3
İştirak edir  85
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Gündəliyin beşinci məsələsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədədir. Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri! Bilirsiniz ki, hüquqi şəxslərin qeydiyyatı problemlərinin aradan qaldırılması və bütövlükdə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin sadələşdirilməsi məsələsi cənab Prezidentin daim diqqətində olub. Hələ 2005-ci il 28 iyun tarixində cənab Prezident tərəfindən bu qanuna bir düzəliş təklif olunmuşdu və hüquqi şəxslərin qeydiyyatı müddəti 40 gündən 5 günə qədər azaldılmışdır. O zaman bu düzəliş kommersiya təşkilatları, bütövlükdə hüquqi şəxslər tərəfindən çox mütərəqqi bir addım kimi qəbul olundu. Bu gün də təklif olunan düzəliş yenə də qeydiyyat prosedurunun sadələşdirilməsinə xidmət edir.
Təklif olunur ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanundan “saxlamaq üçün təqdim olunan imza nümunələrinin” sözləri çıxarılsın. Yəni buna ehtiyac qalmır və beləliklə, prosedur daha da sadələşdirilmiş olur. Hesab edirəm ki, bu çox mütərəqqi bir düzəlişdir və sizləri bu qanun layihəsini dəstəkləməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Əli müəllim, ümumiyyətlə, bu sözlərin çıxarılması bir balaca özbaşınalığa gətirib çıxara bilər. Nəyə görə? Dövlət reyestrləri aparılarkən bütün maliyyə təşkilatlarında, banklarda, o cümlədən notariuslarda və sair imzaya nəzarət edirlər. Bu nə ilə əlaqədardır və həmin nəzarət necə aparılacaq? Dövlət reyestrindən imzaların çıxarılması hər hansı bir sənədi istər maliyyə orqanlarına, istər banklara, istərsə də notariuslara və sair təqdim edəndə imza atırsan, yəni imzanla təsdiq edirsən ki, bu sənəd doğrudur. Bu sənədlərin doğruluğu sonra nə ilə təsdiq olunacaq?
Ə. Hüseynov. Birincisi, Vahid müəllim, dövlət reyestrinin aparılmasına nəzarət edən onu təsdiq etmir, notarius təsdiq edir. Burada söhbət ondan gedir ki, imza nümunələri saxlanılmaqdan ötrü təqdim olunur. Yəni əlavə olaraq hüquqi şəxs qeydiyyatdan keçəndə imzanın nümunəsini, faktik olaraq, formal surətdə saxlanılması üçün təqdim edir.
Bu məsələ ilə bağlı biz dövlət reyestrini aparan idarə ilə də danışdıq. Mən özüm də bir daha onlarla söhbət apardım ki, doğrudanmı buna ehtiyac yoxdur? Həmin idarə də hesab edir ki, bu, formal bir prosedurdur və sadəcə, prosesi mürəkkəbləşdirir. Amma maliyyə orqanlarına təqdim edəndə imzalar ancaq notariat qaydada təsdiq olunur, problem yoxdur. Mən hesab edirəm ki, bu, doğrudan da, prosedurun mürəkkəbləşdirilməsinə gətirib çıxarır. Hüquqi şəxs qeydiyyatdan keçəndə imza nümunələrinin təsdiqi baxımından problem yoxdur. Bu, formal bir prosedurdur. Həmin sənədlər Ədliyyə Nazirliyinin müvafiq idarəsində təqdim olunur, saxlanılır. Bu baxımdan hesab edirəm, çox mütərəqqi bir məsələdir.
Sədrlik edən. Buyurun, Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun, cənab Sədr. Vahid müəllim, qaldırdığınız məsələ ilə əlaqədar bir məsələni də deyim. Əli müəllimin dediklərinə bir əlavə etmək istəyirəm. Saxlanılmaq üçün təqdim olunan imza nümunələri nə üçün çıxarılıb? Ola bilsin ki, vətəndaş bu il həmin imza nümunəsini verir, 5 aydan sonra imzasını dəyişir. Yəni buna orada ehtiyac yoxdur. Ona görə də Əli müəllim tamamilə doğru deyir. Bunun üçün notariat var, imzanı istənilən vaxt təsdiq edir, bununla da məsələ həll olunur.
Sədrlik edən. Təkid edən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.06 dəq.)
Lehinə  80
Əleyhinə  0   
Bitərəf  1
Səs verməd 1
İştirak edir  82
Yetərsay yoxdur

Yetərsay yoxdur. Xahiş edirəm, bir də səs verək.

Səsvermənin nəticələri   (saat 13.07 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  1
Səs verməd 1
İştirak edir  94
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun. Cənab Prezident tərəfindən təklif olunan bu qanun layihəsində Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər nəzərdə tutulur. Söhbət Cinayət Məcəlləsinin 234-cü maddəsinə edilən əlavə və dəyişiklikdən gedir. Məlumat üçün bildirim ki, biz ikinci çağırışda parlamentin müzakirəsinə narkotik vasitələrin dövriyyəsi haqqında bir qanun layihəsi də çıxarmışdıq və bu qanun layihəsi beynəlxalq ekspertlər tərəfindən də çox müsbət dəyərləndirildi, parlament tərəfindən qəbul olundu. Bu qanun qəbul edildikdən sonra biz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarını, habelə onların külli miqdarına görə siyahıları qanunla təsdiq etdik. Bu iki qanunun qəbulu Cinayət Məcəlləsində təklif olunan düzəlişlərə gətirib çıxarır.
Birincini artıq qeyd etdim. İkincisi onunla bağlıdır ki, əvvəllər qeyd etdiyim kimi, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşmişdi, siyahını Nazirlər Kabineti təsdiq etmişdi. Amma biz artıq bu siyahını qanunla təsdiq etdiyimizə görə 234-cü maddədən “normativ hüquqi aktlar” sözləri çıxarılır, “müvafiq qanunla” sözləri buraya əlavə olunur. Yəni demək istəyirəm ki, əvvəl qəbul etdiyimiz qanunların təsdiqi ilə bağlı bu gün Cinayət Məcəlləsinə texniki redaktə xarakterli düzəlişlər edilir. Bu da qanunvericiliyimizin dəqiqləşdirilməsinə və nizamlanmasına xidmət edir. Hesab edirəm ki, bu məsələ qəbul oluna bilər.
Sədrlik edən. Çox sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.09 dəq.)
Lehinə  83
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 2
İştirak edir  85
Nəticə: qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu təklifi yazılı surətdə verərsiniz, bir də araşdırarıq.
Qəbul edildi, sağ olun. Gündəliyin yeddinci məsələsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədədir. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Bu layihədə çox kiçik bir düzəliş var. Bu qanun uzun müddət hakimlərin pensiyaya çıxma məsələsində əngəl törədirdi. Hakimin səlahiyyət müddəti mütləq bitməli idi, bundan sonra o, pensiyaya çıxanda həmin maddələr ona şamil olunmalı idi. Biz buradan “səlahiyyət müddətləri qurtardıqdan sonra” sözlərini çıxarırıq, abzas isə öz qüvvəsində qalır. Bu, qanunun 17-ci maddəsinə aid məsələdir. Biz yeni pensiya qanunu qəbul edəcəyik. Orada bu məsələlər öz əksini tapıbdır. Sırf texniki bir addımdır. Prezidentimizin imzası ilə bu layihə bir neçə müddət bundan öncə bizə daxil olmuşdu. Ona görə mən hesab edirəm ki, biz buna səs verməliyik, sonra pensiya haqqında qanunda həmin məsələ öz həllini tapacaq.
Sədrlik edən. Bu qanun layihəsinin ikinci hissəsi də var. Xahiş edirəm, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu, Cinayət Məcəlləsinə təklif olunan düzəlişdir, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla heç bir əlaqəsi yoxdur. Bu düzəliş texniki xarakterli bir düzəlişdir. Məlumat üçün bildirim ki, Cinayət Məcəlləsində “insanlıq əleyhinə olan cinayətlər” tamamilə düzgün olaraq vahid bir termin kimi müəyyənləşdirilib. Bu, beynəlxalq cinayət hüququna uyğundur. Sadəcə, 57.1-ci maddədə bu, vaxtı ilə qeyd olunmamışdı. Biz həmin maddədə “bəşəriyyət” sözünü “insanlıq” sözü ilə əvəz edirik. Bu da Cinayət Məcəlləsində vahid terminologiyanın təmin edilməsinə xidmət edir.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Oqtay müəllim, çox sağ olun. Amma Siz keçən iclasda, mənim yadımdadır, dediniz ki, biz qanunların qəbul olunmasının çoxluğuna diqqət yetirməyəcəyik, daha çox onların keyfiyyətli olmasına diqqət yetirəcəyik. Ona görə mən bayaq təkid edirdim ki, mənə bircə kəlmə söz verin. Qanunda yazılanlara Əli müəllim, xahiş edirəm, nəzər yetirsin. Bundan əvvəl qəbul etdiyimiz məsələ ilə bağlı deyirəm, bununla da bağlı münasibətimi bildirəcəyəm. Burada qeyd olunur ki, istehlak miqdarından artıq miqdar, bir də külli miqdar var. Daha başqa miqdar yoxdur. Qanunla iki miqdar müəyyənləşdirilib. 2005-ci ildə biz bu qanunu qəbul etmişik. Ona görə də burada istehlak miqdarından artıq miqdar və digər miqdarlar yazılır. Hüquqşünas tələbələr də, bu qanunu tətbiq edəcək praktik işçilər də fikirləşəcəklər ki, digər miqdarlar görəsən hansı miqdarlardır? Ona görə də burada yazmaq lazımdır ki, “külli miqdardan artıq miqdar”. Cinayət Məcəlləsində də belədir, bizim qəbul etdiyimiz qanunda da belədir.
Bundan başqa, Oqtay müəllim, mən, sadəcə olaraq, yada salmaq istəyirəm ki, hörmətli Prezidentimiz 3 mart 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qüvvəyə minməsinə dair fərman imzalayıb. Orada 3 ay vaxt verib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmalar müvafiq olaraq Cinayət Məcəlləsinə daxil edilsin. Ona görə də biz hər hansı bir əməlin cinayət olmasını, yaxud cinayətkarın cəzalandırılmasını müəyyənləşdiririksə, ayrı bir qanunla onu Cinayət Məcəlləsinə daxil etmiriksə, o, təsdiq oluna bilməz. Amma bir ildən artıq vaxt keçir, çox təəssüf ki, bu məsələ bütün beynəlxalq təşkilatların diqqətindədir, amma yerinə yetirilmir. Çox istəyərdim ki, bunu da diqqətimizdə saxlayaq. Allah qoysa, gələn il, elə ilk iclasların birində Cinayət Məcəlləsinə müvafiq əlavə və dəyişiklikləri edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin səkkizinci məsələsi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən bir daha vaxt alıb bu qanunun adını çəkmək istəmirəm. Qeyd etmək istəyirəm ki, adı çəkilən qanunun qüvvəyə minməsi ilə bağlı iki qanuna, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların (mülki dövriyyədən çıxarılmış) siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış) siyahısı haqqında” qanunlardan “və prekursorlar” sözləri çıxarılır. Niyə? Ona görə ki, mənim əvvəl adını çəkdiyim qanunda, yəni parlamentin əvvəlki çağırışında qəbul edilmiş, siyahıları təsdiq etmiş qanunda prekursorlar göstərilməmişdi. Bu, texniki xarakterli bir düzəlişdir və “prekursorlar” sözü çıxarılır. Sadəcə, məlumat üçün demək istəyirəm ki, prekursorlara xüsusi icazəni verən müvafiq icra hakimiyyəti orqanı da Prezidentin fərmanı ilə müəyyənləşdirilib, bu, Səhiyyə Nazirliyidir. Bu qədər, çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.17 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  93
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Doqquzuncu məsələ “Polis haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri! “Polis haqqında” Qanuna təklif olunan düzəliş də texniki redaktə xarakterlidir. Belə ki, “Polis haqqında” Qanunun 37-ci maddəsinin I hissəsinə görə polis əməkdaşının həyat və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına sığortalanır. Amma parlament tərəfindən “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbarı sığortası haqqında” Qanun qəbul olunub və qüvvəyə minib. Ona görə də “dövlət büdcəsi” sözləri “Nəhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır” sözləri ilə əvəz olunur, çünki artıq bütün belə məsələlər qəbul olunmuş yeni qanunla tənzimlənir. Hesab edirəm ki, bu, qanunvericiliyin nizamlanmasına xidmət edən bir məsələdir və qəbul oluna bilər.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.19 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  94
Nəticə: qəbul edildi

 Çox sağ olun, qəbul edildi. Onuncu məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Bu məsələyə də iki komissiyada – Sosial siyasət daimi komissiyasında və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında baxılıb. Buyurun, Hadi müəllim.
H. Rəcəbli. Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Siz diqqət yetirərsiniz, Prezidentimizin imzası ilə daxil olan sənədlərdə əsasən bəzi qanunların tətbiqi ilə əlaqədar digər qanunlara dəyişikliklər, əlavələr edilməsi haqqında qeyd olunub. Bu hal da iki qanunla əlaqədar olduğundan mən istəyirəm, onları sizin yadınıza salım. Bu qanunlardan biri “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanundur. İkinci isə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamə ilə bağlı dəyişikliklər, düzəlişlərdir.
Bu dəyişikliklərə əsasən bizim komissiyanın baxdığı 5 qanuna dəyişiklik və əlavələr edilib. Bunlar “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən mərhum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Polis haqqında” qanunlara, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnaməyə olan dəyişiklik və düzəlişlərdir. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasında qanunun tətbiqi ilə əlaqədar dəyişikliklər və düzəlişlər edilir. Oqtay müəllim, bütün hallarda bu dəyişiklik və düzəlişlər uşaqların və yeniyetmələrin hüquqlarının müdafiəsinə yönələn məsələlərdir. Yəni əvvəlki imperativ, ağır normalar azaldılır, yüngülləşdirilir. Bunlar yetkinlik yaşında olanların və uşaqların tərbiyəsində profilaktik tədbirlərin önə çəkilməsinə yönələn düzəlişlərdir. Bütövlükdə məqbul və çox lazımlı dəyişikliklərdir.
Sədrlik edən. Nə kimi təkliflər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.22 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf 0
Səs verməd 0
İştirak edir  95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. On birinci məsələ “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barəsindədir. Bu məsələyə üç komissiyanın iclasında baxılıb. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri! “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun da parlamentin ikinci çağırışında müzakirə və qəbul olunub, cənab Prezident tərəfindən imzalanıb, qüvvəyə minib. Hesab edirəm ki, çox mühüm bir qanundur. Bu qanunun tətbiqi ilə bağlı cənab Prezident tərəfindən bir sıra qanunlara əlavələr edilməsi təklif olunur. Bu da təbiidir, qanunvericiliyin nizamlanmasına və dəqiqləşdirilməsinə xidmət edir.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna bir əlavə olunur. Bu əlavəyə görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər. Söhbət ondan gedir ki, əgər hər hansı bir Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olubsa, deməli, bizim nümayəndələr, diplomatik orqanlar qısa müddət ərzində onun Azərbaycana qayıtması üçün tədbirlər görməlidirlər.
İkincisi, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanuna edilən əlavələrdir. Bu qanunda 5-ci və 27-ci maddəyə əlavə edilir. “İmmiqrant statusu olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir”. Hesab edirəm, bu çox mühüm bir müddəadır, əgər kim isə insan alverindən zərər çəkibsə, ona qarşı dövlətin də humanist münasibəti olmalıdır. Həmin şəxsin bir il müddətinə Azərbaycanın hüdudlarından çıxarılması barədə inzibati qərar qəbul olunmur.
İkinci mühüm müddəa ondan ibarətdir ki, əgər həmin şəxs, yəni insan alveri cinayətinin qurbanı cinayət təqibi orqanlarına köməklik göstərirsə və yardım edirsə, onda cinayət təqibi başa çatana qədər onun ölkədən çıxarılması barədə inzibati qərar tətbiq olunmur. Bu da hesab edirəm, çox mühüm bir müddəadır, çünki o, Azərbaycanın hüquq mühafizə, cinayət təqibi orqanlarına öz yardımını göstərir.
Ən nəhayət, üçüncü, bir humanist müddəa insan alverinin qurbanı olan uşaqların inzibati qaydada çıxarılmasına qoyulan qadağadır. Amma bildirmək istəyirəm ki, söhbət ancaq inzibati, yəni məcburi qaydada çıxarılmadan gedir. Əgər insan alverinin qurbanı olan uşağın valideynləri xaricdə tapılıbsa, müraciət ediblərsə, burada problem yoxdur. Yəni bu uşaq məcburi qaydada çıxarıla bilməz. Bunlar insan haqlarının müdafiəsi və humanizm baxımından çox mühüm müddəalardır.
Üçüncü əlavə Milli Məclisin Daxili Nizamnaməsinə edilən əlavədir. İnsan alverinə qarşı mübarizə haqqında biz çox mühüm bir müddəanı müəyyənləşdirdik. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator parlamentə illik məruzələr təqdim edəcək. Bilirsiniz ki, bir çox orqanlar, o cümlədən ombudsman parlamentə illik məruzələr təqdim edir. İndi təklif olunur ki, milli koordinatorun məlumatı ilə bağlı Milli Məclisin Daxili Nizamnaməsinə düzəliş edək, çünki artıq qanunda milli koordinatorun parlamentə məruzə etməli olduğunu müəyyənləşdirmişik. Ona görə də Daxili Nizamnamədə bu müddəa öz əksini tapmalıdır.
Cinayət-Prosessual Məcəlləsinə edilən əlavə insan alverinin qurbanlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Belə ki, zərər şəkmiş şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə məhkəmə iclasında həmin şəxslər bilavasitə iştirak etmədən, texniki vasitələrdən istifadə olunmaqla ifadə verə bilərlər. Bu da, yenə hesab edirəm, həmin şəxslərin həm hüquqlarının qorunması, həm də təhlükəsizliklərinin təmin olunması məqsədi ilə edilən çox mühüm bir əlavədir.
Bir daha deyim ki, bunlar “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun tətbiqi ilə bağlı edilən əlavələr və düzəlişlərdir. Bunlar qanunvericiliyin nizamlanmasına və dəqiqləşdirilməsinə xidmət edir. Bu qanunda insan hüquqlarının müdafiəsi, humanizm baxımından olan müddəalar digər qanunvericilik aktlarımıza köçürülür. Hesab edirəm, bu qanun layihəsi parlamentdə qəbul edilə bilər.
Sədrlik edən. Səməd müəllim, buyurun.
S. Seyidov. Oqtay müəllim, biz də komissiyamızda bu qanunla bağlı dəyişiklikləri və əlavələri müzakirə etmişik. Əli müəllim burada qeyd etdi, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar biz həm Azərbaycanda, həm Azərbaycandan kənarda Azərbaycanın imicinə xeyir gətirən, ümumiyyətlə, insan haqlarının yüksək səviyyədə tətbiqi ilə əlaqədar işlərimizi görürük. Ona görə komissiyada bu məsələ müzakirə edilərək yekdilliklə müsbət rəylə qəbul olunmuşdur. Ona görə mən millət vəkillərindən xahiş edəcəyəm, öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, doğrudan da, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu bir neçə ay bundan qabaq qəbul etmişik, daha doğrusu, ikinci çağırış Milli Məclisin qəbul etdiyi son qanunlarından biri idi. 25 iyunda qəbul etdik və qanun artıq qüvvəyə minib və sözsüz, bununla əlaqədar bir sıra qanunlarda, o cümlədən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi zərurəti yaranıb.
Ötən iclasda mən demişdim və yenə də həmin fikrimi təkrarlayıram ki, 1994-cü ildə, yəni yeni Konstitusiyadan bir il əvvəl qəbul edilmiş bu qanunun yenidən işlənməsinə böyük ehtiyac var. Keçən dəfə bir, bu dəfə də yeni bir dəyişiklik edirik və nəticədə sanki yamaq vururuq. Bu dəfə də yeni bir dəyişiklik edirik. Hörmətli Oqtay müəllim, doğrudan da, bu dəyişikliyin böyük əhəmiyyəti var, vacib bir dəyişiklikdir, ancaq bu dəyişiklik bir balaca dəqiq olsa idi, daha yaxşı olardı. Yaxşı olardı ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanundakı müddəalar olduğu kimi buraya köçürülsün. Bu çox vacib və lazımlıdır. Mən bununla əlaqədar bir şeyi də demək istərdim.
Burada yazılır ki, diplomatik nümayəndəliklər və konsulluqlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlərlə təmin etsinlər. Bəlkə elə yerinə düşər, deyim ki, iki gün öncə biz Moskvada olarkən bizə azərbaycanlılar müraciət etdilər. Onlar insan alverinin qurbanı deyil, bizim vətəndaşlarımızdırlar. Amma yeri gəlmişkən, mən bu məsələni səsləndirmək istəyirəm. Onlar dedilər ki, müvafiq icra orqanı, yəni Daxili İşlər Nazirliyinin həmin səfirlikdə nümayəndəsi var, orada olan azərbaycanlıların Azərbaycana dönmələri üçün onlara müəyyən sənədlər verir. Bu çox azdır, təqribən 10 min sənəd verilib. Ancaq azərbaycanlılar təkcə Moskvada deyil, Rusiyanın digər şəhərlərində də yaşayırlar. Uzaqdan – Norilskdən, Novosibirskdən Moskvaya gəlmək qeyri-mümkündür. Ona görə onlar çox xahiş edirdilər ki, həmin səfirlikdə, konsulluqda olan nümayəndələr bu şəhərlərə səfər etsinlər və həmin sənədlərin verilməsi məsələsinə baxsınlar. Mən bir də təkrar edirəm, bu, bilavasitə insan alveri ilə əlaqədar deyil, ancaq insanların istəyi idi, mən də bunu səsləndirməli idim. Bu insanların Omskdan Moskvaya və ya Bakıya gəlmələri eyni çətinliklər törədir.
Ona görə mən çox istərdim ki, bizim Moskvada olan nümayəndəliklərimizə belə səlahiyyətlər verilsin, onlar oradakı vətəndaşlarımızın bu və ya digər probleminin həllinə yardımçı olsunlar. Ümumiyyətlə, digər düzəlişlərə mənim etirazım yoxdur. Amma mən xahiş edirəm, sənədlər gələndə bir az dəqiq olun, belə daha yaxşı olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə başlayırıq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən 5-ci maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Buraya biz belə bir bənd əlavə edirik: “Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və ya vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxsin inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması üçün tədbirlər görülür”. Bu bənddə özümüz qeyd eləyirik ki, onun nə şəxsiyyətini, nə də vətəndaşlığını müəyyən etmək mümkündür. Özümüzü qoyaq həmin inzibati orqanın yerinə. Həmin orqana bu adamı haraya çıxarsın? Haradan gəldiyi, vətəndaşlığı, şəxsiyyəti bilinmirsə, bunu necə etmək olar? Amma inzibati orqana deyirik ki, sən bunu ölkədən çıxarmalısan. Ona görə hesab edirəm, bu məsələnin üzərində düşünməliyik, yaxud bunun şərhi varsa, xahiş edirəm, bizə məlumat verilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Mənim iradım Cinayət-Prosessual Məcəlləsinə olan dəyişikliklərədir. Bilirsiniz, insan alveri ağır bir maddədir. Mənə elə gəlir ki, “insan alverinin qurbanları texniki vasitələrdən istifadə olunmaqla ifadə verə bilərlər” maddəsi o qədər də məqsədəuyğun deyil. Heç bir ölkədə texniki vasitələr hüquqi sübut hesab edilmir. Belə bir ağır cinayətdə ittiham olunan adamların da hüquqları olmalıdır, onların qurbanları mütləq məhkəmədə iştirak etməlidirlər. Onun təhlükəsizliyi təmin olunsun, amma özü məhkəmədə iştirak etsin. Mənə elə gəlir ki, başqa ölkələrdə də texniki vasitələrdən istifadə olunmur. Bəlkə bizə izah etsinlər bunu. Məncə, bu çox vacib bir məsələdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən xahiş edirəm ki, qanunlar qəbul ediləndə ona cavabdeh olan yoldaşlar bunun dəqiqləşdirilməsi üzərində bir daha düşünsünlər, onu hökm şəklində müəyyən etsinlər. Məsələn, indi müzakirə elədiyimiz “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı layihədən belə çıxır ki, insan alverinə qarşı mübarizə aparmalıyıq. Mübarizə belədir də, apara bilərsən, mübarizə baş tuta bilər, tutmaya bilər, davam eləyə bilər. Mən təklif edirəm ki, bunun adı belə olsun: “İnsan alverinin qadağan edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə”. İnsan alveri bütün dünyada qadağan olunub. Azərbaycanda Sovetlər Birliyi dağılandan sonra bu söhbətlər çıxıb, çünki o vaxtlar insan alverindən söhbət gedə bilməzdi. Ona görə də “qadağan edilməsi” yazılmalıdır. Mübarizə nədir?
İkinci bir tərəfdən, digəri qanunlarda da müəyyən dəyişikliklər aparılmalıdır. Qanun mübahisə açmamalıdır, hökm verməlidir. Əgər hökm vermirsə, mübahisə açırsa, o daha qanun deyil. Hökm verməlidir və ona ciddi şəkildə əməl olunmalıdır. Məsələn, bayaq qəribə söhbət çıxdı. Naxçıvanda İnsan hüquqları üzrə müvəkkillik institutunun yaradılması məsələsinə baxdıq. İnstitutun müəllimi olar, tələbəsi olar. Hər şeyə institut deməzlər. Onda bu qanunu da belə deyək: “İnsan hüquqlarının qadağan edilməsi institutu haqqında qanun”. Xaricdə “institut” sözü müəyyən mənada işlədilir. Lakin bizim mühitdə isə institutun öz funksiyası var. Hər şeyə institut deməzlər.
Sonra, Hadi müəllim yenə qanunlara düzəlişlər haqqında danışanda yetkinlik yaşına çatmışlar barədə dedi. Biz keçən dəfə də Milli Məclisdə bu məsələni müzakirə eləyəndə çox böyük mübahisə yarandı. Azərbaycanda hələ dəqiq bilinmir ki, yetkinlik yaşı neçə yaşdan sayılır. Ya həddi-büluğa çatmaq neçə yaşındadır? Mən xahiş edirəm, Hadi müəllim desin görək, yetkinlik yaşı neçə yaşındadır, həddi-büluğa çatmaq neçə yaşındadır? Bunu bilmədən onun haqqında qanun qəbul etmək düzgün deyil. Azərbaycan pedaqoji fikrində bu məsələ mübahisəlidir. Əgər biz qanun qəbul eləyiriksə, qanun mübahisə açmamalıdır. Ona görə bu dəqiqləşməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hadi müəllimdən bunu ayrıca soruşarsınız. Bu qanun artıq qəbul edilib. Biz bu qanuna əlavələr edirik. “İnstitut” da çox böyük məfhumdur, onu hər yerdə tətbiq eləmək olar. Qalan suallara, xahiş edirəm, Əli müəllim cavab versin.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr, söz verdiyinizə görə təşəkkür edirəm. Mən Rəbiyyət xanımın bu fikri ilə tamamilə razıyam ki, “Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında” Qanun və ümumiyyətlə, bu sahəni tənzimləyən qanunlarımız köhnəlib, onların yenidən ekspertizasına ehtiyac var. Bu barədə bizim fikrimiz də var. Elə bilirəm ki, İnsan hüquqları daimi komissiyası ilə birlikdə bu qanunların həm Konstitusiyaya, həm də Avropa İnsan Haqları Konvensiyasına uyğunlaşdırılması ilə bağlı birgə fəaliyyət göstərəcəyik. Bu iradı qəbul edirəm. Buna, doğrudan da, ehtiyac var.
İkincisi, cənab Sədr, niyə bəzən belə suallar meydana çıxır? Biz bir qanunun tətbiqi ilə bağlı başqa qanunlara əlavə və düzəlişlər edirik. Ola bilər ki, bu bizim işimizin nöqsanıdır. Bəlkə də gələcəkdə başqa bir formata keçməliyik. Yeni bir qanun qəbul edəndə bu qanunun gələcəkdə yaradacağı əlavələr və düzəlişlərlə bağlı digər qanunları da paket şəklində qəbul edirik. Çünki üzərindən müəyyən dövr keçir, millət vəkillərində müəyyən suallar meydana çıxır. Hesab edirəm ki, bu, işimizin çatışmayan cəhətidir. Gələcəkdə çalışarıq ki, belə olsun. Onda bu sualların da əksəriyyəti azalmış olar.
Qüdrət müəllimin sualı “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanunun 5-ci maddəsi ilə bağlıdır. Söhbət ondan gedir ki, əgər insan alveri qurbanının şəxsiyyəti, vətəndaşlığı müəyyən olunmadısa, o, respublikadan çıxarılmalıdır, bu birmənalıdır. Ancaq haraya çıxarılacaq? Birincisi, sizə deyim ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun bu müddəaları beynəlxalq konvensiyanın müddəalarına tam uyğundur. Yəni biz həmin qanunu qəbul edərkən, konvensiyanın müddəalarını nəzərə almışıq. Şəxsiyyət müəyyən olmayıbsa, ölkədən çıxarılmalıdır. Bu, ölkənin də marağıdır. Həmin inzibati orqanlar insan alveri qurbanının ilk növbədə mənsub olduğu ölkəyə və ya həmin insan alveri qurbanını qəbul etmək arzusunda olan hər hansı bir digər dövlətə çıxarılması ilə bağlı qərar qəbul edir. Konvensiyada da bu cürdür, indi də belə tətbiq olunur.
Nəhayət, Elmira xanımın qaldırdığı məsələ 4-cü bəndlə, Cinayət-Prosessual Məcəlləsinə edilən əlavə ilə bağlıdır. Əlbəttə, Elmira xanım, hər bir vətəndaşın məhkəmədə iştirak etməsi, şahid, zərər çəkmiş kimi ifadı verməsi vacibdir. Başqa ölkələrin bu sahədə təcrübəsi var, bizim təcrübəmiz isə hələ formalaşacaq, çünki biz qanunu indi qəbul etmişik. Bütün dünya insan alverinə qarşı mübarizə aparır. Məhz elə başqa ölkələrin təcrübəsi və adı çəkilən konvensiyanın müddəaları insan alverinin qurbanı olan zərər şəkmiş şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə texniki vasitələrdən istifadə edərək məhkəmə iclasında iştirak etmədən ifadə vermək üçün onlara şərait yaradır. Müasir sivil dünyada bu təcrübə tətbiq olunur. Hesab edirəm ki, bunların təhlükəsizliyini təmin etmək məqsədi ilə biz də Cinayət-Prosessual Məcəlləsinə bu əlavəni edə bilərik və etməliyik. Amma Nizami müəllimin sualları ilə bağlı elə bilirəm ki, cavablara ehtiyac olmayacaq, çünki bu məsələlər digər qanunların mövzusudur. Qanunun adı ilə bağlı məsələlərə ehtiyac varsa, buna ayrılıqda baxa bilərik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin on birinci məsələsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə  93
Əleyhinə  4
Bitərəf  0
Səs verməd 0
İştirak edir  97
Nəticə: qəbul edildi

 Çox sağ olun, qəbul edildi. Gündəliyin on ikinci məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən bəzi qanunvericilik aktlarına, daha dəqiq desəm, “Məhkəmələr və hakimlər” və “Məhkəmə-Hüquq Şurası” haqqında qanunlara təklif edilən əlavələr və düzəlişlər çox mühüm əhəmiyyət daşıyır. İcazənizlə, bir neçə dəqiqənizi alım.
Bilirsiniz ki, məhkəmələrin və hakimlərin fəaliyyətində olan nöqsanlar, süründürməçilik, qanunsuz hallar cənab Prezident tərəfindən hələ 2003-cü və 2004-cü illərdə sahibkarlarla görüşlərində və müxtəlif çıxışlarında bir neçə dəfə qeyd olunmuşdur. Məhz ölkə Prezidentinin tapşırığı və tövsiyələri əsasında qanunsuz halların aradan qaldırılması məqsədi ilə kompleks tədbirlər həyata keçirilməyə başlanmışdır. İlk növbədə qanun qəbul olundu və hakimlərin seçkiləri ilə əlaqədar və onların fəaliyyətini qiymətləndirən, onları inzibati məsuliyyətə cəlb edən müstəqil bir qurum – Məhkəmə-Hüquq Şurası formalaşdırıldı. Ədalət mühakiməsinin bütün tərəfləri, yəni prokurorluq, vəkillik, hakimlər, parlament nümayəndəsi, Prezidentin nümayəndəsinin iştirakı ilə Məhkəmə-Hüquq Şurası formalaşdırıldı. Məhkəmə-Hüquq Şurası öz növbəsində Hakimlərin Seçki Komitəsini formalaşdırdı. Məlumat üçün deyə bilərəm ki, artıq hakimlərin seçkisinin iki mərhələsi keçmişdir, Avropa Şurasının və beynəlxalq ekspertlərin bu iki etap barədə rəyləri kifayət qədər müsbətdir.
Qısaca demək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası ötən dövr ərzində öz iclaslarında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı çoxlu sayda işlərə baxmış, məhkəmə monitorinqlərini həyata keçirmiş, bu günə qədər 20 hakim haqqında intizam icraatı başlanmışdır. Onlardan doqquzu intizam məsuliyyətinə cəlb edilmiş, birinin səlahiyyətlərinin müvafiq qaydada ləğv edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Məhkəmə qərarlarının icrası ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Təkcə 2005-ci ilin birinci yarım ilində, əvvəlki illərdən fərqli olaraq məhkəmə qərarlarının təxminən 90 faizi icra olunmuşdur. Bu sənədləri icra etmədiyinə görə 400-dən artıq şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş, icra sənədləri üzrə dövlət büdcəsinə 32 milyard manatdan çox vəsait ödənmişdir. Bu iki il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən və ədliyyə orqanları tərəfindən bir çox işlər görülmüşdür.
Amma təbii ki, məqsədimiz, sadəcə, hakimləri cəzalandırmaqdan ibarət deyil. Bu, məqsəd kimi də qarşıya qoyulmayıb. Məqsədimiz bütövlükdə məhkəmə-hüquq sistemində qeyd olunan qanun pozuntularını, süründürməçilik hallarını aradan qaldırmaqdır. Ona görə də kompleks yanaşma tətbiq olunmalıdır. Bu problemlərin həm obyektiv, həm də subyektiv səbəbləri var. Bir onu demək istəyirəm ki, Azərbaycan adambaşına düşən hakimin sayına görə Avropa Şurasına üzv olan ölkələrin sırasında sonuncu yerdədir. Yəni hər 100 min vətəndaşa 4 hakim düşür. Misal üçün deyə bilərəm ki, Avstriyada, Almaniyada bu rəqəm qat-qat üstündür, 15-25-ə çatır. Təbii ki, bu, iş yükünə və işlərin baxılmasının keyfiyyətinə də təsir eləyir. Bir misal deyim, Apellyasiya Məhkəməsinin hakimləri gündə 7-8 işə baxırlar. Bunun bir neçəsi cinayət, mülki iş olur. Təbii ki, yük çox olanda keyfiyyətə təsir edir. Amma xüsusi qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan məhkəmələrində olan iş yükünün ağırlığı heç bir halda hakim korpusuna bəraət qazandırmır ki, onlar qanunsuz hallara, süründürməçiliklərə yol versinlər.
Öz növbəmizdə biz də müəyyən tədbirlər görməliyik. Buna görə də cənab Prezident tərəfindən bu qanun layihəsi təqdim olunmuşdur. Bu, sadəcə, əlavələr və düzəlişlər deyil, bütövlükdə məhkəmə-hüquq sistemində çox mütərəqqi bir dəyişikliklərdir. Bu gün məlumat üçün demək istəyirəm ki, ümumi məhkəmələr və yerli hərbi məhkəmələr üçün yeganə apellyasiya instansiyası Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsidir və Bakı şəhərində yerləşir. Yerli iqtisad məhkəmələri üçün yeganə apellyasiya instansiyası məhkəməsi kimi Respublika İqtisad Məhkəməsi fəaliyyət göstərir. Digər apellyasiya instansiyası məhkəməsi Naxçıvan Muxtar Respublikasındadır. Bu, Naxçıvanın Ali Məhkəməsidir ki, o da eyni zamanda, ağır cinayətlərə dair işlər üzrə birinci instansiya məhkəməsidir. Adı çəkilən birinci iki apellyasiya məhkəmələri qeyd etdiyim kimi, Bakı şəhərində yerləşir və təbii, bu, müəyyən problemlər yaradır. Misal üçün, əgər uzaq bir rayonda tərəflərdən biri məhkəmə prosesindən narazı qalıbsa, apellyasiya şikayəti veribsə, o mütləq Bakıya gəlməlidir. Həm cinayət işlərində, həm də mülki işlərdə apellyasiya instansiyasında tərəflər iştirak edirlər, beləliklə, uzun yol qət etmək lazım gəlir. Bakıda qalmaq da maddi vəsait tələb edir. Hesab edirəm ki, bu da insanlarımızın şikayətinə səbəb olur.
Bu problemin aradan qaldırılmasından ötrü regionlarda zonalar üzrə apellyasiya məhkəmələrinin yaradılması nəzərdə tutulur. Konkret olaraq harada yaradılması ancaq nəzəri fikirlərdir. Bu məsələ cənab Prezidentin fərmanı ilə müəyyənləşdiriləcək. Amma qanun artıq bunun üçün şərait yaradır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin isə sırf apellyasiya instansiyası məhkəməsinə çevrilməsi nəzərdə tutulur. Bununla əlaqədar qanunun XI və X fəsillərinə əlavə və düzəlişlər edilir.
Göstərdiyim problemlə əlaqədar İqtisad Məhkəməsinin fəaliyyətini tənzimləyən XII fəsil bütövlükdə çıxarılır. Başqa sözlə desəm, Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin fəaliyyətinə xitam verilir. Onun əvəzində isə yaradılacaq apellyasiya məhkəmələrinin hər birində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində iqtisad mübahisələrinə dair işlər üzrə kollegiyalar yaradılacaq. Yəni yaradacağımız apellyasiya məhkəmələrində iqtisad kollegiyaları fəaliyyət göstərəcək.
Qeyd etməliyəm ki, bu gün Naxçıvan Muxtar Respublikasında apellyasiya məhkəməsi Ali Məhkəmədir və həmin məhkəmə olduğu halda orada yerli iqtisad məhkəməsi üçün apellyasiya instansiyası Bakıda yerləşən apellyasiya məhkəməsidir. Görün, vətəndaşlar üçün nə qədər problemlər yaranır. Göstərilənlərdən əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində, digər apellyasiya məhkəmələrində olduğu kimi, hərbi məhkəmələrin işləri üzrə kollegiya da yaradılacaqdır. Beləliklə, hər bir apellyasiya məhkəməsində dörd kollegiya – cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə, mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə və nəhayət, hərbi məhkəmələrin işləri üzrə kollegiyaların fəaliyyət göstərməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sırf apellyasiya məhkəməsinə çevrilməsi ilə əlaqədar onun birinci instansiya məhkəməsi funksiyası qanundan çıxarılır. Yenilik ondan ibarət olur ki, Naxçıvan Muxtar Respublikasında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə yaradılır. Məlum olduğu kimi, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını muxtar respublikanın Ali Məhkəməsi birinci instansiya məhkəməsi kimi həyata keçirir. Nəzərdə tutulan dəyişikliklərə görə həmin funksiyanı hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müvafiq hərbi məhkəmə tərəfindən həyata keçirilməsi məqsədəmüvafiqdir.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında vətəndaşlar ancaq kassasiya şikayəti ilə bağlı Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edəcəklər. Digər bütün məsələlər Naxçıvan Muxtar Respublikasında həllini tapacaq. Hesab edirəm ki, bu, blokada şəraitində yaşayan respublikanın vətəndaşlarının məhkəməyə müraciət etmək hüquqlarını asanlaşdırmaq, sadələşdirmək baxımından çox mühüm bir dəyişiklikdir. Onu da qeyd edə bilərəm ki, hazırda Naxçıvan Muxtar Respublikasının məhkəmələrindən kassasiya şikayəti cəmi 3 faizdir. Bu da kiçik bir rəqəmdir. Elə bilirəm ki, bu şikayətlərin Ali Məhkəmədə baxılması heç bir problem yaratmaz.
Beynəlxalq müqavilələrdən irəli gələn iqtisad məhkəməsinə həsr olunmuş IX fəsil də qanundan çıxarılır. Beləliklə, həmin məhkəmənin ləğv edilməsi nəzərdə tutulur. Bu məhkəmənin hazırda baxdığı işlər yerli iqtisad məhkəmələrinin baxdığı işlərdən məzmunca fərqlənmir və ona görə də bu məsələlərə də yerli iqtisad məhkəmələrində baxılması məqsədəmüvafiq hesab edilmişdir.
Digər bir dəyişiklik Azərbaycan Respublikasının Ali Məhkəməsinin müavin ştatları ilə bağlıdır. Ali Məhkəmədə dörd kollegiya – cinayət, inzibati, mülki və iqtisadi məsələlərə dair kollegiyalar fəaliyyət göstərir, o cümlədən hərbi məhkəmələrlə bağlı kollegiya mövcuddur. Hər bir kollegiyanın sədri, eyni zamanda, Ali Məhkəmə sədrinin müavinidir. Amma bildirmək istəyirəm ki, 2000-ci ildən qüvvəyə minmiş prosessual qanunvericiliyə görə Ali Məhkəmə sədri müavinlərinin prosessual səlahiyyətlərinə yenidən baxılmışdır. Yəni, faktik olaraq, müavinlik ştatı formal xarakter daşıyır. Onların qanunvericilikdə nəzərdə tutulmuş xüsusi prosessual hüquqları yoxdur. Buna görə də təklif olunur ki, digər məhkəmə instansiyalarında olduğu kimi, Ali Məhkəmədə də bir müavin ştatı saxlanılsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tərkibində də dəyişiklik nəzərdə tutulur. İndi plenum Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədri və hakimlərdən ibarət tərkibdə fəaliyyət göstərəcəkdir.
Qeyd etdiyim bu fundamental dəyişikliklər, təbii ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna çoxsaylı digər texniki redaktə xarakterli dəyişikliklərə də gətirib çıxarır. Bununla bağlı vaxtınızı almağa dəyməz. Amma göstərdiklərimdən başqa, qanunda bir sıra dəqiqləşdirmələr və uyğunlaşdırmalar da aparılır ki, bunlar da vacibdir. Belə ki, qanunun 52-ci maddəsində ümumi məhkəmələrin işinə nəzarət etməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin funksiyasına aid edilmiş müddəa Konstitusiyamıza zidd olduğuna görə mətndən çıxarılır. Bundan başqa, məhkəmə sədrləri və sədr müavinlərinin kollegiya sədri ilə əvəz olunmasına dair mövcud normalar dəqiqləşdirilir. Birinci instansiya məhkəmələrinə aid olan hissə isə qanundan çıxarılır və əvəzinə 86-cı maddəyə müvafiq əlavə edilir. Tərkibində 6 və ya daha çox hakim olan məhkəmələrdə sədr müavini ştatı nəzərdə tutulur.
Eyni zamanda, hakimlərin sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyən 109-cu maddə daha da mükəmməl şəkildə təqdim olunmuşdur. Hazırda qüvvədə olan qanuna əsasən Məhkəmə-Hüquq Şurasının hakimin intizam məsuliyyətinə cəlb edilməsi barədə qərarından Ali Məhkəmənin Plenumuna verilmiş şikayətlərə bir ay müddətində baxılır. Yəni əgər Məhkəmə-Hüquq Şurasında hər hansı bir işə baxmışıqsa, narazı qalan hakim ondan bir ay müddətinə şikayət verə bilər. Amma plenumun iclaslarının rübdə bir dəfə keçirilməsi bu məsələni mürəkkəbləşdirir, ona görə təklif olunur ki, bu müddət, yəni bir ay üç ay ilə əvəz olunsun.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi istisna olmaqla digər apellyasiya məhkəmələri tərəfindən beynəlxalq əlaqələrin həm də Məhkəmə-Hüquq Şurası tərəfindən, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin isə birbaşa bu əlaqələri həyata keçirməsi haqqında müddəa nəzərdə tutulur. Yəni digər məhkəmələrin beynəlxalq əlaqələri, Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçiriləcək, Naxçıvanda və Ali Məhkəmədə xüsusi şöbə olacaq. Hesab edirəm, bu da çox mühümdür.
Göstərdiyim bütün bu yeniliklər, təbii ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna da müəyyən əlavələr və dəyişikliklər edilməsinə gətirib çıxarır. Bundan sonra məhkəmələrin olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi əsasında müəyyənləşdiriləcək. Bu da təbiidir, çünki artıq məhkəmələrin fəaliyyəti ilə bağlı bütün məsələlər Məhkəmə-Hüquq Şurasının səlahiyyətindədir. Məhkəmə-Hüquq Şurası artıq birinci instansiya məhkəmələrinin sədrlərinə təklif verə bilər ki, hakimlər arasında işləri bölüşdürərkən onların ixtisaslaşmasını nəzərə alsın. Bu çox vacibdir. Biz Məhkəmə-Hüquq Şurasında bir neçə işə baxarkən görmüşük ki, sırf mülki iş üzrə ixtisaslaşmış bir hakimə cinayət işinə baxılması ilə bağlı tapşırıq verilib. Bu, işin keyfiyyətinə təsir edib, çünki həmin hakim uzun illər mülki hüquq sahəsində ixtisaslaşıb. Birdən-birə onun cinayət işinə baxması obyektiv səbəblərdən nöqsanlara yol verməsinə gətirib çıxarır.
Nəhayət, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin tərkibini müəyyənləşdirən normalarda da mahiyyətə toxunulmadan müvafiq redaktə xarakterli düzəlişlərin də edilməsi təklif olunmuşdur.
Hörmətli millət vəkilləri, qanun layihəsinə əsasən apellyasiya instansiyası məhkəmələrinin saylarının artırılması, bu məhkəmələrin regionlarda təşkil edilməsi çox mütərəqqi bir haldır. Qanunun qüvvəyə minməsi bütövlükdə məhkəmə-ədliyyə sisteminin, prokurorluğun – dövlət ittihamı idarəsinin təkmilləşdirilməsinə, vəkillərin sayının artmasına gətirib çıxaracaqdır. Ən başlıcası isə ondan ibarətdir ki, regionlarda əhalinin hüquqi yardım almaq hüququndan istifadəsi və onların məhkəmələrə müraciət etmək hüququnun sadələşdirilməsi baş verəcəkdir. Nəticə etibarı ilə regionların iqtisadi və sosial inkişafı proqramına da müəyyən bir təkan veriləcəkdir. İqtisadi inkişaf olan yerdə mübahisələr də olur və bu mübahisələrə operativ surətdə baxılması da bizim tərəfimizdən təmin olunmalıdır. Beləliklə, bu dəyişikliklər bütövlükdə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə xidmət edir. Hesab edirəm ki, bu qanun layihəsi parlament tərəfindən dəstəklənməlidir, təbii, buna ehtiyacımız da var. Sizdən bu qanun layihəsinə səsə verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Artıq saat 2-dir. Bu məsələnin müzakirəsinə iclasın ikinci yarısı başlayarıq. Sağ olun.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli deputatlar! On ikinci məsələnin müzakirəsini davam etdiririk. Çıxışlar üçün yazılanlar var. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Mənim bu qanunda dəyişikliklərlə bağlı layihənin ümumi müddəalarına münasibətim belədir ki, olduqca mütərəqqi dəyişikliklər nəzərdə tutulub. Xüsusilə də apellyasiya məhkəmələrinin təsdiqi məsələsində, həqiqətən də, bürokratik süründürməçiliyin qarşısını almaq üçün bölgələrdə belə məhkəmələrin yaradılması olduqca vacibdir. Amma orada bir neçə müddəa var ki, hörmətli Əli müəllim, bunlara aydınlıq gətirilməlidir. Birinci, məncə, qanun layihəsində qeyri-dəqiq ifadələr nəzərdə tutulur. Bu da Konstitusiyanın 109-ci maddəsinin 32-ci bəndinə uyğun deyil. Burada birbaşa Prezidentin səlahiyyətinə aid məsələlər göstərilir. Həmin məsələləri icra qaydasında Prezident həll edir. Amma burada “Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla” sözləri, mənə elə gəlir ki, olmamalıdır. Nəzərə almamaq hər hansı bir hüquqi nəticə yaratmırsa, bunun burada xatırlanmasına ehtiyac yoxdur. Həmin səlahiyyət Prezidentə verilibsə, təbii, bu, mütərəqqi hal kimi qiymətləndirilə bilər. Əgər Məhkəmə-Hüquq Şurası formal olaraq belə bir təkliflə çıxış edərsə və bu, Prezidentin hər hansı bir qərarına təsir göstərə bilərsə, bir az ciddi qəbul olunmalıdır. Amma Azərbaycanda bu belə bir məsələnin hər hansı bir təkliflə qəbul olunması, açığı reallığı əks etdirmir. Əgər Konstitusiyanın maddəsində göstərilsə idi ki, Məhkəmə-Hüquq Şurasının hər hansı bir təklifi nəzərə alınmazsa, onda qanunda bunu xatırlatmaq yerinə düşərdi.
İkinci, hərbi məhkəmələrin yaranması ilə bağlı maddədə göstərilir ki, hərbi hissələrin sayı nəzərə alınmaqla belə məhkəmələr yaradıla bilər. Təbii ki, Məhkəmə-Hüquq Şurasının təklifi də nəzərə alınmalıdır. Hərbi hissələrin sayı qısa müddətdə dəyişə bilər. Say dəyişəndən sonra həmin məhkəmələr ləğv olunub yerinə yenisimi yaradılır? Əvvəlki qayda daya uğurlu idi, qarnizon ərazisində hərbi məhkəmələrin yaradılması məsələsi daha məqsədəuyğun sayıla bilərdi.
Burada nəzərdə tutulan bir məsələdə xüsusi bir ziddiyyət var. Bu da məhkəmələrin beynəlxalq əlaqələri məsələsinə aiddir. Mən 91-ci maddəni nəzərdə tuturam. Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanları vasitəsi ilə Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi beynəlxalq əlaqələri birbaşa həyata keçirirlər. Burada bir orqanla əlaqənin qurulması daha məqsədəuyğun olardı. Məhkəmə-Hüquq Şurası və ya müvafiq icra hakimiyyəti orqanı. Təbii ki, burada Ədliyyə Nazirliyi nəzərdə tutulur. Bürokratik əngəl yaratmamaq baxımından hesab edirəm ki, bu müddəalar nəzərə alınmalıdır. Ümumiyyətlə, düşünürəm ki, bu qanun layihəsi ilə edilən dəyişiklik və əlavələr vacibdir. Müəyyən bürokratik əngəllərin aradan qalxmasına xidmət edir və hüquq sistemimizin təkmilləşməsi baxımlından faydalı qəbul oluna bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirəmizə təqdim olunan Azərbaycan Respublikasının qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı layihə hesab edirəm ki, Azərbaycanda məhkəmə işinin daha uğurla qurulması, Azərbaycanda ədalət mühakiməsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan növbəti uğurlu addımlardan biridir. Təsadüfi deyil, hörmətli Əli müəllim bu dəyişiklikləri təqdim edən zaman xüsusilə vurğuladı ki, Azərbaycanda gedən inkişaf adekvat olaraq məhkəmə sisteminin daha da təkmilləşməsini tələb edir. Xüsusilə nəzərə alaq ki, bu inkişaf regionlarda xüsusi templə həyata keçirilir. Mən deyərdim ki, məhkəmə sisteminin əks-mərkəzləşdirilməsi və regionlarda bu sistemin qurulması, Azərbaycan regionlarının inkişafına yönələn ədalət mühakiməsinin təşkili, doğrudan da, çox vacibdir, aktualdır. Buna görə də cənab Prezidentin qanunvericiliklə bağlı etdiyi təşəbbüs çox vaxtında edilmişdir.
2004-cü ildən başlayaraq bayaq burada da qeyd olundu, cənab Prezidentin sahibkarlarla keçirdiyi görüşlərdə onlar öz iradlarını bildirilmişdilər. Məhkəmələrlə bağlı edilən şikayətlər, vətəndaşların hüquqlarının məhkəmə səviyyəsində lazımi qaydada qorunması ilə bağlı problemlər hüquqi dövlət quruculuğu istiqamətində mühüm işlər görən Azərbaycanı narahat etməyə bilməz. Bilirsiniz ki, bundan sonra Məhkəmə-Hüquq Şurası yaradıldı. Məhkəmə-Hüquq Şurası hesab edirəm ki, çox mühüm bir vəzifəsini həyata keçirir. Məhkəmə-Hüquq Şurasının bu gün icraatında olan bir sıra məsələlər hakimlərin məsuliyyətini daha da artırır, eyni zamanda, ayrı-ayrı sahələrlə bağlı təqdim olunan müraciətlərin və şikayətlərin araşdırılması sistemini və mexanizmini həyata keçirir.
Bu dəyişikliklər və əlavələr edildikdən sonra artıq Azərbaycanda ədalət mühakiməsini həyata keçirən bütün instansiyalar öz işlərini daha mütərəqqi şəkildə qura biləcəklər. Mən bir daha deyilən fikirləri dəstəkləyirəm. Bu gün, həqiqətən də, regionlar səviyyəsində apellyasiya məhkəmələrinin yaradılması və həmin məhkəmələrin işinin bilavasitə regional səviyyədə əlaqələndirilməsi, təbii ki, təqdirəlayiqdir. Bu, bütövlükdə gələcək işimizə müsbət təsirini göstərəcəkdir.
Burada qeyd olunduğu kimi, həmin işin uğurla həyata keçirilməsi üçün çox ciddi kadr bazası yaradılması da, yəqin ki, gündəmdədir. Test üsulu ilə yeni hakimlərin seçilməsi ilə bağlı görülən işlər də bizim bir cəmiyyət olaraq gözlədiklərimiz sırasındadır. Ancaq eyni zamanda, burada bir neçə məsələyə də həm qanunun icrasına nəzarət edən orqan, həm də parlament diqqət ayırsın. İlk növbədə düşünürəm ki, regionlarda apellyasiya məhkəmələrinin işi təşkil olunan zaman vəkillik institutunun daha da təkmilləşdirilməsi məsələsi diqqətdən yayınmamalıdır. Bu gün bizim hüquqşünaslar gözəl bilirlər, elə ucqar rayonlar var ki, orada ya vəkillik xidməti lazımi səviyyədə qurulmur, ya da, ümumiyyətlə, vəkil yoxdur. Ona görə də yaxşı olardı ki, paralel olaraq bu qanunun icrası ilə bağlı həm lazımi texniki-humanitar bazanın yaradılması, həm də vəkillik institutunun yaradılmasına əlavə bir dəstəyin verilməsi istiqamətində də işlər görülsün.
Sonuncu qeyd etmək istədiyim məsələ də ondan ibarətdir ki, bu gün məhkəmə qərarlarının icrasında, həqiqətən də, çox mühüm irəliləyişlər var. Məsələn, 2004-cü ildə məhkəmə qərarlarının təxminən 30 faizi icra olunmurdusa, indi çox sevindirici haldır ki, artıq bu rəqəm təxminən 10 faiz civarındadır. Ona görə də məhkəmə qərarlarının icrası, icrasına nəzarət edən müvafiq qurumlara və bütövlükdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə bugünkü dəyişikliklər öz müsbət təsirini göstərəcəkdir. Mən bütövlükdə bu dəyişikliyi müsbət dəyərləndirirəm və hesab edirəm ki, məhkəmələrimizə olan inam və etimadın artırılmasında Milli Məclisin qəbul edəcəyi bugünkü qərar mühüm rol oynayacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, diqqətinizə çatdırmaq istəyərdim ki, təqdim olunmuş qanun layihəsi bir neçə gün bundan öncə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında kifayət qədər geniş müzakirə olundu. Etiraf edim ki, həmin müzakirələr yetərincə işgüzar və ciddi xarakter daşıdı. Müzakirə zamanı gəldiyimiz ümumi yekun nəticə bundan ibarət oldu ki, təqdim edilmiş qanun layihəsi mahiyyət və struktur baxımından Azərbaycanda məhkəmə və hakimlər sisteminin təkmilləşdirilməsi istiqamətində irəliyə doğru atılan çox mühüm bir addımdır. Digər bir cəhət də ondan ibarət oldu ki, burada iştirak edən istər millət vəkilləri, istərsə də ayrı-ayrı ekspertlər təqdim edilmiş qanun layihəsinin ünvanına bu və ya digər şəkildə tənqidi fikirlər söyləyə bilmədilər, görünür, tənqidi fikirləri söyləmək üçün əsaslar yox idi.
Məndən öncə çıxış edənlər də təqdim edilmiş qanun layihəsinin dəyərləri üzərində dayandılar. Əslində, ölkə Prezidenti tərəfindən təqdim edilmiş bu layihə fundamental xarakter daşıyan qanun layihəsidir. Bu qanun layihəsi məhkəmə və hakimlər sisteminin təkmilləşdirilməsinə, həmin sistemin dünyanın aparıcı dövlətlərinin səviyyəsinə çatdırılması, qaldırılması yolunda irəliyə atılmış çox mühüm bir addımdır. Təbii ki, Əli müəllim təqdimatında onun ayrı-ayrı məqamları üzərində dayandı.
Mən bu məqamların hamısını qəbul etməklə yanaşı, demək istəyərdim ki, bu qanun layihəsində aşağı instansiyalar istisna olmaqla, istər apellyasiya məhkəməsi, istər Ali Məhkəmə, istərsə də vaxtı ilə Bakıda fəaliyyət göstərən Azərbaycan Respublikası İqtisad Məhkəməsi sistemində və strukturunda ciddi dəyişikliklər aparılırsa və bununla bərabər, ayrı-ayrı məhkəmələrin beynəlxalq əlaqələrindən tutmuş hakimlərin sosial problemlərinin həllinə qədər Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ayrı-ayrı müddəaların irəli sürülməsi kimi kompleks xarakter daşıyan təkliflər irəli sürülübsə, bunu “Məhkəmələr və hakimlər haqqında” Qanuna, sadəcə, dəyişikliklər və əlavələr kimi qəbul etmək lazım deyil. Əslində, bu, məhkəmələr və hakimlər sistemində ciddi xarakter daşıyan islahatların yeni bir mərhələsidir.
Mən tamamilə əminəm ki, qəbul edildikdən sonra Azərbaycanın həm məhkəmə, həm hakimlik sistemində diqqəti cəlb edən və heç də bizim xoşumuza gəlməyən neqativ halların aradan qaldırılmasında, eyni zamanda, ayrı-ayrı süründürməçilik hallarının ortadan götürülməsində bu qanun ciddi rol oynayacaqdır. Əgər bu gün Apellyasiya Məhkəməsində verilən statistikaya görə gündə 6-8 işə baxılırsa, təbii, burada peşəkarlıqdan, işlərə ədalətli baxılmasından söhbət gedə bilməz. Burada neqativ halların baş verməsi də ən adi, elementar məntiqə uyğun gəlir, çünki fiziki cəhətdən bunu çatdırmaq mümkün deyil.
Verilən məlumatlara görə apellyasiya məhkəmələri mərkəzdən regionlara doğru transfer edilir. Həmin transfer nəticəsində əlavə 100 hakim yeri də müəyyənləşdirilirsə və hakimlərin mərkəzdə yükünün xeyli azaldılması təmin olunursa, bu artıq o deməkdir ki, Azərbaycanın məhkəmə sistemində həm peşəkarlıq, həm operativlik, həm də ədalətli qərar qəbul edilməsi üçün ciddi qanuni baza yaradılır. Beləliklə, ucqarlardan ancaq Bakıya doğru axışan, günlərlə Apellyasiya Məhkəməsinin qarşısında duran insanların həm də bu problemi müsbət şəkildə öz həllini tapır.
Təqdim edilmiş qanun layihəsi haqqında çoxlu müsbət fikirlər söyləmək mümkündür. Fikrimi yekunlaşdırıraq demək istərdim ki, bu qanun layihəsi, bir daha təkrar edirəm, Azərbaycanın məhkəmə və hakimlər sisteminin təkmilləşməsində çox uğurlu bur layihədir. Dəyərli həmkarlarımdan xahiş edirəm ki, qanun layihəsinə öz müsbət rəylərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İcazə verək, Əli müəllim suallara cavab versin.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Mən çıxış etmiş millət vəkillərinə təşəkkürümü bildirirəm ki, bu təqdimatı dəstəklədilər. İnanıram ki, çıxışa yazılan millət vəkilləri də bizim fikirlərlə həmrəy idilər. Cənab sədr, bu qanun layihəsinin meydana çıxma səbəblərini biz qeyd etdik. Məhkəmə-Hüquq Şurasının bütün üzvləri bu qanun layihəsinin üzərində çalışıblar. Məhkəmə-Hüquq Şurasının tərkibi də belədir: orada cənab Prezidentin və parlamentin nümayəndəsi, vəkillik institutu, prokurorluq institutu, hakimlər təmsil olunurlar. Bütün instansiyaların nümayəndələri təmsil olunurlar. Belə demək mümkünsə, ədalət mühakiməsini həyata keçirməkdə məsul olan bütün tərəflər bu qanun layihəsinin üzərində birbaşa çalışıblar. Mən bu fikirləri ona görə söyləyirəm ki, qanunun məsuliyyətini biz özümüz, Məhkəmə-Hüquq Şurasının üzvləri və ədalət mühakiməsini həyata keçirən bütün tərəflər daşıyır. Məqsədimiz burada konstruktiv yanaşmanı tətbiq etmək, köklü dəyişiklik etməkdən ibarətdir.
Fazil müəllimə təşəkkürümü bildirirəm ki, bu qanunu bir mütərəqqi qanun kimi qiymətləndirdi. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınmaqla Prezident tərəfindən təsdiq olunması, hesab edirəm, çox normal bir müddəadır və Konstitusiyaya hər hansı bir ziddiyyət təşkil etmir. Əks təqdirdə bu normanı icra etmək mümkün olmaz. Yenə deyirəm, Məhkəmə-Hüquq Şurası hakimlərin seçkisini keçirmək, onların fəaliyyətini qiymətləndirmək, eyni zamanda, vakant hakim yerinə təyinatdan ötrü təkliflər vermək səlahiyyətinə malikdir. Misal üçün, bu yaxınlarda biz belə bir təklif verdik və cənab Prezident də Konstitusiya səlahiyyətindən istifadə edib həmin təyinatı həyata keçirdi. Düşünmürəm ki, qanunun bu müddəası ilə Konstitusiya arasında bir ziddiyyət var.
Hərbi məhkəmələrlə bağlı qaldırılan fikrə münasibətimi bildirmək istəyirəm. Fazil müəllim burada söhbət ancaq terminoloji dəyişiklikdən gedir. Məsələ bundadır ki, biz bu müddəanı işləyib hazırlayarkən Müdafiə Nazirliyi ilə də məsləhətləşdik. Məlumat üçün bildirmək istəyirəm ki, bizim qanunvericilikdə artıq “qarnizon” anlayışından istifadə olunmur. Yəni mahiyyət olduğu kimi qalacaq, məhkəmələr hərbi hissələrin olduğu yer üzrə yerləşdiriləcək. ”Qarnizon” sözünün buradan çıxarılması ancaq redaktə xarakteri daşıyır. Bizə məlumat verdilər ki, artıq Müdafiə Nazirliyi sistemində “qarnizon” anlayışından istifadə olunmur.
Məhkəmələrin beynəlxalq əlaqələrinin qurulması ilə bağlı iradı və narahatlığı başa düşürəm, yəni ikili əlaqə olmasın. Həm müvafiq icra hakimiyyəti orqanı, həm də Məhkəmə-Hüquq Şurası bu əlaqələri qura bilər. Bir daha bildirmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi istisna olmaqla digər apellyasiya məhkəmələri tərəfindən beynəlxalq əlaqələr həm Məhkəmə-Hüquq Şurası tərəfindən, həm də müvafiq icra hakimiyyəti orqanı – Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsində isə birbaşa həyata keçirilir. Əlbəttə, mən narahatlığı başa düşürəm. Amma məlumat üçün bildirmək istəyirəm ki, misal üçün Məhkəmə-Hüquq Şurasının aparatında müvafiq şöbə var. Qanunla ancaq Məhkəmə-Hüquq Şurasına aid, misal üçün, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdə tutulur. Əgər hər hansı apellyasiya məhkəməsi beynəlxalq təcrübəni öyrənirsə, biz bu işə qarışmırıq.
Məhkəmə-Hüquq Şurasının özünün səlahiyyətləri var. Bizim beynəlxalq əlaqə nədən ibarət ola bilər? Hakimlərin seçkisi ilə bağlı müəyyən problemlər var idi. Biz beynəlxalq münasibətləri qurduq, ən mütərəqqi, çox bahalı texnikadan Azərbaycanda istifadə etdik və hakimlərin seçkisi obyektiv surətdə keçdi. Yəni qanunla Məhkəmə-Hüquq Şurasına verilən səlahiyyətlər çərçivəsində beynəlxalq əlaqələr qururuq. Müvafiq icra hakimiyyəti orqanı isə öz səlahiyyətinə aid məsələlərlə bağlı fəaliyyət göstərir. Düşünürəm ki, burada səlahiyyətlər bir-birinə qarışmayacaq və təkrarçılıq olmayacaq, çünki hər bir kəsin qanunla ona aid olan məsələlərə müdaxilə etmək hüququ var.
Azay müəllimin fikri ilə razıyam ki, əlbəttə, bu qanunun qəbulu bütövlükdə hüquq sisteminin, yəni cəzaçəkmə müəssisələrinin də inkişafına təsir göstərəcək. Məlumat üçün bildirmək istəyirəm ki, mövcud vəziyyət müəyyən gərginliklər yaradır. Azərbaycanda üç istintaq təcridxanası var: Gəncədə, Bayılda və Şüvəlanda. Məhkəmələr Bakıda yerləşdiyinə görə Bayıl istintaq təcridxanasında limit bəzən pozulur, bu, obyektiv səbəblərdən baş verir. Sizə deyim ki, bu qanunun qəbul edilməsi Azərbaycanın müxtəlif regionlarında həbsxana sisteminin inkişafına da təkan verəcək. Artıq qərara alınıb. Yəqin bilirsiniz ki, Naxçıvanda qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Azərbaycanın digər regionlarında da bu cür qarışıq rejimli cəzaçəkmə müəssisələrinin tikilməsi ilə bağlı artıq göstəriş verilib.
Mən Fəzail müəllimə və çıxış etməyə imkanı olmayan digər millət vəkillərinə də təşəkkürümü bildirirəm. Məlumat üçün bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı istənilən sualların cavablandırılması və növbəti müzakirələr üçün həm Məhkəmə-Hüquq Şurası, həm də bizim işçi qrupu daim sisin xidmətinizdədir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 16.25 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 1
İştirak edir  90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyin on üç və on dördüncü məsələləri çox vacib məsələlərdir. Bunlar Əmək pensiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və Dövlət sosial müavinətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Razılaşsanız, bu qanun layihələrinin müzakirəsini bir yerdə edərik, bunlar bir-birini tamamlayan qanunlardır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə söz verilir.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! İlin son sessiyasının son sənədi məhz əhalinin sosial durumu ilə bağlı qanun layihəsidir. Əhalinin sosial qayğıları bizim siyasətimizin prioritetini təşkil edir. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyev 2001-ci ilin iyul və 2003-cü ilin avqust ayında müvafiq fərmanlarla pensiya islahatları haqqında sərəncam vermişdi. Bu islahatlarla bağlı ölkəmizdə ardıcıl iş aparılırdı. Bildiyiniz kimi, biz artıq sığortanın fərdi uçotu sisteminə keçmişik. Sığorta haqlarının, pensiyaların kartlar vasitəsi ilə ödənməsinə keçilmişdir. Büdcəni müzakirə edərkən məhz artıq əmək pensiyaları ilə sosial müavinətlərin ayrılmasını və onun maliyyə tərəfini tənzim etdik.
Mən Əmək pensiyaları haqqında qanun layihəsini konseptual baxımdan əsaslandırmağa çalışacağam. Bu baxımdan bir neçə rəqəm və müqayisə ilə sizi tanış etmək istəyirəm. Bu gün respublikamızda 1 357 388 nəfər pensiyaçı vardır. Yaşa görə əmək pensiyası alanlar 763 154, əlilliyə görə əmək pensiyası alanlar 264 943 nəfərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar 134 545 nəfərdir. Xidmət illərinə görə əmək pensiyası alanlar 13 828 nəfər, sosial pensiyaçıların sayı 180 913 nəfərdir.
Biz “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu iki hissəyə bölməklə bir inqilabi addım atırıq və Azərbaycanda sosial müavinətlər institutu və əmək pensiyaları institutu deyilən iki sistemi bir-birindən ayırırıq. Bu addımı atmağı zəruri edən hansı səbəblər var? Bu gün mövcud pensiya sisteminin ciddi problemləri var. Birincisi, pensiya təyinatı sistemi bazar iqtisadiyyatı prinsiplərinə cavab vermir və əsasən sovet dövründən miras qalmış sistem üzrə aparılır. Bunu hamımız hiss edirik. Pensiya məbləği ödənilməsinin sosial sığorta haqları ilə demək olar ki, əlaqəsi yoxdur. Bu gün biz sığortaya pul köçürürük, amma pensiya hesablanması tamam başqa bir sistemlə gedir. Pensiya təminatının məbləği iş stajı və əmək haqqı əsasında müəyyən edilir, yəni iş stajının hesablanması zamanı aşağıdakılar nəzərdən keçirilməlidir.
Birincisi, 22 adda fəaliyyət növləri, 9 adda xüsusi sahə üzrə xidmət illəri, 8 növ hərbi fəaliyyətə aid güzəştlər, 17 adda əmək şəraitinə görə güzəştlər müəyyənləşdirilməlidir. 17 növ əlil uşaqlara görə cürbəcür məsələlər müəyyənləşdirilməlidir. Pensiyaların hesablanması mexanizmi çox mürəkkəbdir və burada neqativ halın yaranmasına şərait var. Pensiyaların məbləğləri çox kiçikdir və pensiya hesablanarkən təsəvvür edin ki, təxminən 73 fakt nəzərə alınmalıdır. 7 kateqoriya vəzifə sahibləri üçün ayrıca pensiya təminatı qaydaları mövcuddur. Biz hamımız bilirik ki, deputatlar, hakimlər, prokurorluq orqanları işçiləri, MSK üzvləri, ombudsman, hərbi qulluqçular, dövlət qulluqçuları və digər qalan vətəndaşlar üçün pensiyalar hesablanır.
Sosial müdafiə sisteminin idarə olunmasına dair məlumatların aşkarlığı zəifdir. Əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların qeydiyyatı və onlardan məcburi dövlət sosial sığorta haqlarının yığılması məsələləri müasir tələblərə cavab vermir. Bütün bunları nəzərə alaraq biz aşağıdakı məqsədlərə cavab verən Əmək pensiyası haqqında qanun layihəsi təqdim edirik. Bu, sosial müdafiə sisteminin səmərəliyinin artırılmasına və təkmilləşdirilməsinə nail olmaq məqsədi daşıyır.
İkinci məqsədimiz vətəndaşların pensiyalarını ödənilmiş sosial sığorta haqları ilə birbaşa əlaqələndirməkdir. Bu gün sığortanın fərdi uçotu gedir. Ödənilən pulun həcminə müvafiq olaraq gələcəkdə pensiya ala biləcəyik. Üç pilləli sistemə keçid üçün zəmin yaradırıq. Sosial müdafiə sistemi sahəsində aparılan işlərin ictimaiyyət üçün şəffaf və aydın olmasını təmin etməyə çalışırıq. Vətəndaşların pensiya təminatını keçidlə bağlı 3 kateqoriyaya bölürük. Birincisi 31 dekabr 2005-ci il tarixinə pensiya yaşına çatmış şəxslər, ikinci qrup işləyən pensiyaçılar, üçüncü qrup işləməyən pensiyaçılardır. 31 dekabr 2005-ci il tarixli iş stajı olan və bu tarixdən sonra da işləməyə davam edənlər ayrıca qrup kimi müəyyənləşir. Başqa bir qrup isə 2006-cı ilin 1 yanvar tarixindən və ya bu tarixdən sonra işə başlayanlardır ki, bu qrup adamların pensiya təminatı məsələləri sistem halında aparılacaq. İkinci hissə nədən ibarətdir?
Yaşa görə pensiyalar strukturlarına görə 3 hissəyə bölünür. Birinci, bunu çox eşidirsiniz: baza hissəsi, sığorta hissəsi, bir də yığım hissəsi. İndi bunlara da Səlim müəllim öz çıxışında aydınlıq gətirər. Bütövlükdə bu çox mütərəqqi, müasir bir sistemdir. Bu sistemlə həm pensiyaların artım imkanı var, həm də, çox az fikirləşməklə bu məsələləri aydın etmək mümkün olur. Dördüncü məsələ ondan ibarətdir ki, mövcud pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun arxivinə veriləcək. Burada çox sadə struktur olacaq və hər bir fərdi uçotu olan pensiyaya çıxacaq vətəndaş üçün dosye yaranacaq. Yeni qanunun tələbinə görə Azərbaycan Respublikasının hər bir vətəndaşı azı 5 il məcburi dövlət sosial sığorta sistemində iştirak etməklə dövlət təminatı formasında çıxış edən əmək pensiyasının baza hissəsini almağa birinci növbədə nail olur.
İkincisi, ödənilmiş sosial sığorta haqlarının fərdi hesablanan, toplanan məbləğinin, buna pensiya kapitalı deyəcəyik, pensiyada olma müddətinə bölünəcək. Bu da nəzərdə tutulur ki, insanlar təxminən 12 il müddətində pensiyada olacaqlar. Bu 144 ay edir, ola bilər, bir az çox, bir az az olsun. Bütövlükdə bu rəqəmə nisbətdə sığorta hissəsi hesablanacaq. Pensiyanın baza hissəsi isə bu adamların hamısı üçün eyni olacaq. Biz bunu təxminən əvvəlki minimum əmək haqqına uyğun 125 min manat götürmüşük. Hörmətli Səlim müəllimin dediyinə görə aprel ayından bu, 150 min miqdarında olacaq. Birmənalı olaraq minimum bu baza pensiyası olacaq. Bundan sonra isə əlavə pensiyalar hesablanacaq. Bu da vaxtaşırı Prezidentin sərəncamları ilə artırılacaq.
Mən pensiyanın sığorta hissəsi haqqında da qısa məlumat verdim. Burada da, bayaq dediyimiz kimi, 2006-ci ilin 1 yanvarından fərdi sığorta uçotuna düşən adamların ödədikləri pulun ümumi həcmi 144-ə bölünəndən sonra bu hissə müəyyənləşdiriləcək. Əvvəllər işləyənlər üçün isə qabaqcadan hesablanan formada təxmini hesablanacaq, onun isə baza hissəsi çıxacaq, qalan hissə sığorta kimi hesablanacaq. Pensiyanın yığım hissəsinin 22 faizini, mən istəyirəm, siz biləsiniz, sığorta fonduna işə götürən, 3 faizini isə vətəndaş özü ödəyir. Gələcəkdə bu insanların özlərinin ödədikləri 3 faiz yığım pensiyası kimi formalaşacaq. “Yığım pensiyası” anlayışına Səlim müəllim aydınlıq gətirər. Bundan əmanət kassasına qoyulan pul formasında istifadə olun bilər və hətta gələcəkdə divident də gətirə bilər. 144 aydan insan vəfat edərsə, onun hətta varislik hüququ da saxlanılacaq. Bu da yeni sistemin üstünlüklərindən biridir.
Həmin sistemin başqa üstünlükləri hansılardır? Pensiya təyin edilərkən əmək haqqı məbləği üzrə məhdudiyyətlər ləğv edilir. Belə bir yuxarı hədd var idi, həmin həddən yuxarı pensiya vermirdilər. İndi bu hədd götürülüb. Pensiya məbləği bilavasitə ödənilmiş sosial sığorta haqlarının məbləğindən birbaşa asılı olur. Hər bir vətəndaş istənilən vaxt özünün hesabında topladığı və gələcək pensiya məbləği haqqında məlumata malik ola bilər. Bu çox sadə bir metodla hesablanır. Pensiya təyinatı zamanı çoxlu sayda əlavə sənədə, arayışa ehtiyac qalmır. İşləyən pensiyaçılar üzrə mövcud diskriminasiya aradan götürülür.
Siz bilirsiniz ki, işləyənlər pensiyalarının 50 faizi ödənilirdi. Belə olan halda isə işləyənlərin baza pensiyası ödəniləcək. Sığorta pensiyası isə onların ümumi sığorta pensiyası həcminə əlavə olunacaq və sonradan onlar pensiyaya çıxanda bu məsələ onların ümumi göstəricilərində öz əksini tapacaq. Pensiyanın təyinatı vətəndaşın müraciət etdiyi vaxtdan deyil pensiya hüququ yarandığı vaxtdan həyata keçiriləcək. İndi belədir, məsələn, adamın pensiya yaşı 5 ay qabaq çatmış olsa da, o, ərizə verdiyi gündən ona pensiya verilirdi. Yeni halda isə pensiya onun pensiya yaşının çatdığı gündən hesablanacaq. Artımlar şəffaf və mütləq rəqəmlə ifadə olunacaq. Bu artımlar bütün pensiyaçıları əhatə eləyəcək. İşləyən pensiyaçı işini dayandırdıqda onun sığorta hissəsinə toplanmış vəsait gözlənilən yaşama müddətinə, bayaq dediyim 144 aya üst-üstə gələcək, sonradan bölünüb ona qaytarılacaq.
Sizə paylanan qanun layihəsi 10 fəsil, 47 maddədən ibarətdir. Mən fəsillərin adlarını çəkib vaxt almaq istəmirəm. Burada məqsəd nədir? Hörmətli Oqtay müəllimə minnətdaram ki, həmin layihə ilkin olaraq bu gün parlamentdə müzakirə olunur. Yəni burada tələsikliyə yol verilməsin.
Birinci, parlament bu layihəni bir az da öyrənsin, üzərində işləsin. Bizim fikrimiz var ki, bu layihəni, Oqtay müəllim, həm İqtisadi siyasət daimi komissiyası ilə, həm də İnsan hüquqları daimi komissiyası ilə birlikdə ikinci oxunuş üçün müzakirə edək. Həmin müzakirədən sonra ikinci oxunuşda burada daha geniş polemika, müzakirələr açaq. Bu materialın özündən gələn nə mümkündürsə onu etmək üçün çalışaq.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bütövlükdə sosial qanunlar həmişə ağır olub, çünki əhalinin həyatı, insanların güzəranı ilə bağlıdır. Mən hesab edirəm ki, müzakirə zamanı siz bu gün bayram axşamı olduğunu nəzərə alacaqsınız.
Oqtay müəllim, icazə versəniz, ikinci məsələni deyim. Bizim ikinci layihə sizin hamınıza paylanıbdır. Bu da Sosial müavinətlər haqqında qanun layihəsidir. Əvvəllər, siz bilirsiniz, qocalığa görə pensiya var idi. Bu pensiyalar sığorta orqanları tərəfindən ödənilmirdi, büdcə vəsaiti hesabına ödənilirdi. Bunları “pensiya” yox, “müavinət” adlandırmaq olar. Bu, sözün əsl mənasında, dövlətin verdiyi müavinətdir. Bu qazanılan haqq deyil, yəni şəxs sığorta haqqı ödəyib bunu qazanmayıb. 22 normativ hüquqi sənədi biz bu qanun layihəsinə salmışıq. Qanunla onları ehtiva edirik və sizin müzakirənizə veririk. Bütövlükdə əsas mahiyyət isə pensiyaların sosial hissəsinin bundan sonra “sosial müavinət” adlanmasıdır. Layihədə daha çox texniki məsələlər həll olunub. Oqtay müəllim, mən ilin son iclası olduğuna görə deputat həmkarlarımızı konstruktiv müzakirələrə çağırıram. Biz bunu ikinci oxunuşda daha geniş müzakirə edə bilərik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Bu gün bizim iclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov və onların müvafiq idarələrinin rəhbərləri iştirak edirlər. Əgər icazə versəniz, onların da çıxışlarına qulaq asardıq, sonra ümumi müzakirəyə keçərdik. Buyurun, Səlim müəllim.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Cənab sədr, hörmətli millət vəkilləri! Əvvəlcə icazə verin, sizin hamınızı üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə seçilməyiniz münasibəti ilə, həmçinin qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni 2006-cı il münasibəti ilə təbrik edim! Sizə möhkəm can sağlığı arzu edim və qarşıdakı 5 il ərazində Azərbaycan Respublikasında hüquqi dövlətin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinizdə uğurlar diləyim!
Bu gün sizin müzakirənizə çıxarılan Əmək pensiyaları haqqında qanun layihəsi və Sosial müavinətlər haqqında qanun layihəsi sadə qanunlar deyil. Bu layihələr ölkədə sosial sferanın çox böyük bir sektorunun, aztəminatlı əhalinin sosial müdafiəsinin təşkili hissəsinin tamamilə yeni əsaslarda, bugünkü bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq yenidən qurulmasını nəzərdə tutur. Ona görə də düzdür, tale elə gətirdi ki, bu 2005-ci ilini sonuncu iclasının ikinci hissəsinə düşdü, siz müəyyən qədər yorulmusunuz, amma fikrimcə, bu qanun layihələri çox diqqətlə dinlənilməli və çox ciddi müzakirələrdən sonra onlara lazımi qiymət verilməlidir, çünki bu iki qanun layihəsi bir yerdə əhalinin çox böyük hissəsini əhatə edir.
Birinci, Əmək pensiyaları haqqında qanun layihəsi 1 200 000-ə qədər əmək pensiyaçısını və 1 500 000 nəfərə yaxın bu gün işləyərək Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəyən insanları əhatə edir ki, bizlər də həmin 1 500 000-nin içərisindəyik. Ona görə də indiyə qədər 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun əsasında Azərbaycan Respublikasında formalaşmış və əsasən sosialist prinsiplərinə, başqa sözlə desək, həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemi bu qanunun qəbulu ilə tarixin arxivinə göndərilir. Biz yeni qanunla bu gün Avropa, dünyanın aparıcı ölkələrində mövcud olan pensiya sisteminə keçidi təmin etmiş oluruq. Həmin sistemin əsas məğzi, fəlsəfəsi nədən ibarətdir? Mən indi çalışacağam ki, icazənizlə, sizlərə qısa şəkildə bunu çatdırım. Biz daha aydın olmaq üçün bunu slaydlar formasında hazırlamışıq. Həmin slaydlarda yeni quracağımız pensiya sisteminin əsas fəlsəfəsi sisin gözünüzün önündə canlanacaqdır.
Bildiyiniz kimi, ulu öndərimiz Heydər Əliyev hələ 2001-ci ilin 17 iyulunda Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyasını təsdiq etmişdir. Həmin konsepsiyaya görə, Azərbaycan Respublikasında üçpilləli yeni pensiya sisteminin qurulması və idarə olunması nəzərdə tutulurdu. Həmin konsepsiyaya görə, yeni pensiya sisteminin başlıca prinsipləri aşağıdakılardan ibarət idi. Pensiyanın məbləği sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olan və verilmə şərtləri hər bir konkret şəxsin sosial sığortada iştirakı zamanı ödədiyi vəsaitin həcminə uyğun olmalıdır. Pensiyanın miqdarı və vətəndaşın pensiya hüququ müəyyən edilərkən sığorta haqqının ödənilməsi ilə bağlı olmayan dövlət vergisi nəzərə alınmamalıdır. Üçüncüsü, dövlət sosial sığorta sistemində vaxtından tez pensiyaya çıxmaq üzrə güzəştlər məhdudlaşdırılmalıdır. Əgər vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı xərclər varsa, bunlar işəgötürən tərəfindən maliyyələşdirilməlidir. Pensiya təminatı sisteminin bu birinci növüdür.
Əmək pensiyalarının ikinci növü həmin konsepsiyada göstərildiyi kimi, birinci növdə əhatə olunmayanlara, yaxud əmək pensiyası almaq hüququ olmayanlara sosial kömək göstərilməsini nəzərdə tutur. Yəni ikinci qanun layihəsi – Sosial müavinətlər haqqında qanun layihəsi ilə verilən müavinətləri özündə ehtiva edir. Nəhayət, ikinci növ pensiya qocaların, əlillərin və ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinə xidmət edir. Bundan başqa üçüncü pillə var. Bu da qeyri-dövlət pensiya fondları vasitəsi ilə toplanacaq sosial sığorta haqlarının gələcəkdə özəl pensiyalar şəklində ödəyənlərə qaytarılmasını nəzərdə tutur. Belə üç pilləli pensiya sisteminin Azərbaycan Respublikasında formalaşması həmin pensiya islahatları konsepsiyası ilə müəyyənləşdirilmişdi. Bunun birinci pilləsi – Əmək pensiyaları haqqında qanunun qəbul edilməsi köhnə sistemin ortadan qaldırılmasını tələb edir. Köhnə sistemdə çoxlu sayda neqativ hallar mövcuddur ki, onların müəyyən hissəsi barədə burada Hadi müəllim sizlərə məlumat verdi. Həmin problemlərin müəyyən qismini biz bu slaydda göstərmişik. Bu gün həqiqətən də pensiya təminatı sistemi bazar iqtisadiyyatı prinsiplərinə cavab vermir. Həmrəylik prinsipinə əsaslanmaq sovet dövründən miras qalmış sistemdir. Həmrəylik prinsipi nə deməkdir? Bu gün bizlər sizinlə birlikdə işləyirik, aldığımız əmək haqqına görə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəyirik. Toplanan həmin vəsait hesabına keçmişdə işləyib bu gün pensiyada olan insanlara pensiya ödənilir. Əgər bu sistem qalmaqda davam edərsə, sosial sığorta haqları ilə gələcək pensiyamızı təmin edə bilmərik. Əgər bu sistem qalarsa, bizim pensiyamız gələcəkdə işləyənlərin ödəyəcəyi sosial sığorta haqlarından asılı olacaq. Ona görə də həmin sistem ortadan qaldırılmalı və elə bir sistem formalaşdırılmalıdır ki, bu gün işləyənlərin gələcəkdə pensiya təminatı barədə onlarda təsəvvür yaratsın. Yəni onların ödədikləri sosial sığorta haqları həm şərti, həm də real baxımdan müəyyən hesablarda yığılsın və onun məbləğinə uyğun olaraq gələcəkdə pensiya təminatı aparılmış olsun. Məhz buna görə də pensiya məbləğlərinin ödənilmiş sosial sığorta haqları ilə birbaşa əlaqəsi yoxdur.
Pensiya təminatının məbləği son 24 və ya istənilən əvvəlki 60 ayın orta aylıq əmək haqqı əsasında müəyyən edilir. Həqiqətən də, 40 il aşağı maaşlı bir işdə, məsələn, gözətçi işləmiş bir insan çox kiçik, ən kiçik maaş alaraq sosial sığorta haqqı ödəyir. Pensiyaya çıxmağa 2 il qalmış o, həmin işdən çıxaraq gedir yüksək maaşlı müəyyən bir işə adını yazdırır. Bu hallara kifayət qədər çox təsadüf edilir, xüsusi ilə tikinti sektorunun sürətlə inkişafı şəraitində. Orada həmin şəxsə iki il ərzində yüksək maaş yazılır. Sonra, sonuncu iki il ərzində yüksək maaşı haqqında arayışı bizim orqanlara təqdim edir və böyük staja malik olduğuna görə sonuncu yüksək əmək haqqının 80 faizi qədər ona pensiya təyin edilir. Halbuki ömrü boyu orta maaş alaraq sosial sığorta haqqı ödəmiş müəllimlər, həkimlər və sairə bu kateqoriyadan olan insanların pensiyası ondan aşağı olur, çünki onun axırıncı 24 ayda aldığı əmək haqqı həmin söylədiyim misala nisbətən daha aşağıdır.
İş stajının hesablanması zamanı aşağıdakılar sosial sığorta haqqı ödənilmədən staja daxil edilir. Bunları biz orada göstərmişik. 20 adda əmək fəaliyyəti növləri var ki, bunlar üçün heç bir sosial sığorta haqqı ödənmir. Bunlar hərbi xidmət və təhsil, əlillərə, 75 yaşına çatmış qocalara və körpə uşaqlara qulluq, işsizlik müavinətinin verildiyi müddətdir və sairə. Əmək növləri var ki, bunlar üçün sosial sığorta haqqı ödənməsə də pensiya hesablanan zaman staja daxil edilir.
Aşağıdakı sahələr üzrə pensiya hüququ mövcud qanunla ümumi yaş həddindən əvvəl müəyyən edilmişdir. Mülki aviasiya, təhsil və uşaq tərbiyə müəssisələrində pedaqojı fəaliyyət, teatr, kino və digər teatr-tamaşa fəaliyyəti, şaxtaların, tunellərin tikintisində, faydalı qazıntıların çıxarılmasında bilavasitə yeraltı açıq mədən işlərində fəaliyyətlər, balıqçılıq, yeraltı işlərdə əmək şəraiti ağır olan sahələrdə, dənizdə, neft sənayesi və sairə işlərdə çalışma müddətləri. Çoxuşaqlı analar, üç və daha çox uşağı 8 yaşına qədər təkbaşına böyüdən atalar, korlar, liliputlar və cırtdan boylar çalışma sahəsindən asılı olmayaraq daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.
Aşağıdakı dövrlər sosial sığorta stajına ikiqat və daha çox ölçülərlə daxil edilir. Müharibədə iştirak və müharibə illərində arxa cəbhədə iş müddəti üçqat götürülərək staja daxil edilir. Bundan başqa, bəraət verilmiş vətəndaşların həbsdə olma vaxtı, su nəqliyyatında iş müddəti və sairə müddətlər də iki və üç qat ölçüdə götürülərək staja daxil edilir. Pensiyaların hesablanması mexanizmləri çox mürəkkəbdir və neqativ halların yaranmasına zəmin yaradır. Yəni bu gün heç bir şəxs sabah pensiyaya çıxacaqsa, konkret olaraq bilə bilməz ki, onun pensiyası mövcud sistemlə neçə manat təşkil edəcəkdir, çünki bunu hesablamaq həddən artıq çətindir. O qədər çoxlu müxtəlif adda müavinət, əlavələr sistemi və bayaq dediyim kimi, stajlara daxil etmə sistemi mövcuddur ki, bunun əsasında pensiyanın dəqiq məbləğini heç bir şəxs müəyyən eləyə bilməz. Pensiyaların məbləğləri çox kiçikdir və hesablandığı zaman sosial sığorta stajı, orta əmək haqqı üzrə 70-dən çox amil və fərqlər nəzərə alınmalıdır. Hadi müəllim söylədi, bu gün müxtəlif qaydada pensiyası təyin olunan 8 kateqoriya vətəndaş qrupları vardır. Onlar burada görünür, mən onları sadalamaq istəmirəm. Hadi müəllim dedi, hakimlər, prokurorlar və sairə.
Sosial müdafiə sisteminin idarə olunmasına dair məlumatların aşkarlığı yüksək deyildir. Həqiqətən də ayrıca fərdi uçot aparılmadığından bu gün heç bir şəxs söyləyə bilməz ki, o işlədiyi müddətdə nə qədər maaş almış və nə qədər sosial sığorta haqqı ödəmişdir. Bunun fərdi uçotu aparılmır. Ona görə də pensiyanın təyinatı zamanı birbaşa subyektiv amildən asılılıq ortaya çıxır. Yəni pensiyanı təyin edən inspektordan asılııq ortaya çıxır. Eləcə də əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların qeydiyyatı və onlardan məcburi dövlət sosial sığorta haqlarının yığılması məsələsi, əvvəldə qeyd elədiyim kimi, həmrəylik prinsipinə əsaslanır ki, bu da müasir tələblərə cavab vermir. Buna görə həmin sistemin ləğv olunması və onun yerində yeni pensiya sisteminin formalaşması təklif olunur.
Mövcud pensiya sistemindən irəli gələn mürəkkəb sənədləşmə və hesablama mexanizmləri ləğv edilir, onun əvəzinə sadə, anlaşılan və ciddi nəzarət olunan sistemə keçid təmin olunur. Bizim təklifimiz bundan ibarətdir. Bu həmin konsepsiyanın da tələblərinə cavab verir. Yeni pensiya sisteminin məqsədləri nədən ibarətdir? Onları burada Hadi müəllim sadaladı. Ona görə mən bir daha onları sadalamaq istəmirəm. Ona görə də qanun layihəsinin əsas hissəsinə keçmək istəyirəm.
Biz yeni pensiya sisteminin əsas məğzini müəyyən edən zaman bu gün bütün vətəndaşların potensial olaraq pensiyaçı kimi qəbul edilməsini nəzərdə tutmuşuq. Yəni elə düşünürük ki, 2006-cı ilin 1 yanvarına bizdə əmək yaşında olan bütün vətəndaşlarımız pensiyaçıdırlar. Bu halda onları 3 qrupa bölə bilirik. O insanlar ki, artıq 2006-cı ilin 1 yanvarında, yəni 2005-ci il 31 dekabrın sabahkı günü artıq pensiyaçıdırlar, onlar 2 kateqoriyaya bölünür: işləməyənlər, bir də işləyən pensiyaçılar. O vətəndaşlar ki, 2006-cı ilin 1 yanvarına qədər müəyyən qədər iş stajına malikdirlər, sosial sığorta haqları ödəmişlər və 2006-cı ilin 1 yanvarından sonra da Allahın verdiyi ömür qədər, pensiyaya çıxana qədər işləyəcəklər və sosial sığorta haqlarını ödəməkdə davam edəcəklər, onlar ikinci kateqoriya insanlardır. Üçüncü kateqoriya insanlar isə 2006-cı il 1 yanvara qədər işləməyib yalnız 2006-cı ilin 1 yanvarından sonra işləməyə başlayacaqlar, yəni gənc nəsil nəzərdə tutulur. Bunların hər biri yeni pensiya sistemində ayrıca kateqoriya kimi öz yerinə oturdulmuşdur.
İlk olaraq mən bu gün mövcud pensiyaçılarımızdan başlamaq istəyirəm. Təbiidir ki, yeni pensiya sisteminə keçid ilk öncə bugünki pensiyaçıları daha çox narahat eləyir, çünki bu gün onlar əhalinin aztəminatlı təbəqəsini əhatə eləyirlər. Həmin insanların pensiyası, məlumunuz olduğu kimi, bu gün 4 kateqoriyaya bölünür: yaşa görə pensiya alanlar, əlilliyə görə pensiya alanlar, ailə başçısını itirməyə görə pensiya alanlar və xidmət illərinə görə pensiya alanlar. Bunların hər biri haqqında mən ayrıca məlumat vermək istəyirəm. Birinci, yaşa görə əmək pensiyaları alanların sayı barədə Hadi müəllim dedi, slaydda da göründüyü kimi, 763 min nəfərə yaxındır. Onlardan da bir qədər çox yaşa görə pensiya alan vətəndaşlarımız var.
Bunların daha aydın olması üçün belə bir slaydı sizin diqqətinizə təqdim edirəm. Tutaq ki, 62 yaşı, 30 il əmək stajı olan və son 24 ay üzrə 255 min manat orta aylıq əmək haqqı alan şəxsə pensiya ödənilir. Bu zaman onun pensiyası həmin staja, əmək haqqına görə 178 min 500 manat təşkil edəcəkdir. Bu onun əsas pensiyasıdır. Bundan başqa onun çoxlu sayda müxtəlif əlavələr almaq hüququ var. Xahiş edirəm, slaydı çevirin. Bax, bunlar onun ala biləcəyi əlavələrin sayıdır. Bugünkü qanunla pensiyaya çıxan hər bir şəxs əsas pensiyadan başqa 20 sayda müxtəlif adda əlavələrdən bir neçəsini ala bilər. Əvvəldə göstərdiyimiz misaldakı şəxs onlardan təqribən altısını ala bilir. Ordenlə təltif olunubsa, 6375 manat, Çernobıl ƏS qəzasının ləğvində iştirak eləyibsə, 12 min 750 manat. Öhdəsində əmək qabiliyyətsiz 2 nəfər ailə üzvü varsa, 10 min 200 manat və sairə. Bu əlavələrlə birlikdə onun alacağı məbləğ cəmi 286 min 575 manatadır.
Həmin əlavələrdən başqa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əhalinin bəzi kateqoriyaları üçün 1995-2005-ci illərdə bir sıra müavinətlər müəyyən olunub. Yeddi adda müxtəlif müavinət var. Bunlardan da hər birini həmin şəxslər ala bilərlər. Bu da pensiyanın üzərinə gəlinməlidir. Bundan başqa, yenə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əhalinin bəzi kateqoriyaları üçün 1995-2005-ci illərdə 16 adda kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin ləğvinə görə kompensasiya müəyyən olunub. Fikir verin, 23 müavinət və 20-yə qədər də müxtəlif əlavələr və bir də əsas pensiya məbləği var. Axı, kim həmin şəxsin sabah pensiyasının nə qədər olduğunu dəqiq şəkildə hesablayıb tapa bilər? Bu gün belə mürəkkəb bir sistem mövcuddur.
Yeni sistemdə biz nə təklif eləyirik? Bu gün həmin 286 min 575 manat olduğu kimi götürülür, yəni pensiyaçı heç bir şey itirmir. Həmin məbləğ olduğu qədər, yəni həmin 286 min 575 manat transformasiya olunur yeni sistemə. Amma yeni sistemdə artıq 43 adda əlavələr, müavinətlər olmur. Həmin məbləğ bölünür sadəcə 2 yerə. 125 min manat baza hissəsi, ondan artıq olan hissə sığorta hissəsi sayılır. O da 162 min 575 manatdır. Bütün hallarda bu sistem tətbiq olunub. Əlilliyə görə də həmin qayda ilə gedir, orada da həmin sistem tətbiq olunur. Müxtəlif müavinətlər, əlavələr sistemi ləğv olunur. Orada da keçir həmin 2 növə. Ancaq sığorta hissəsi və baza hissəsinə. O cümlədən xidmət illərinə, ailə başçısını itirməyə görə də pensiyalarda həmin sistem tətbiq olunur, yəni bugünkü məbləğlər götürülür. Onun formalaşdığı elementlərin hamısı isə ləğv edilir. Yalnız iki elementə çevrilir: bir baza hissəsi – 125 min manat, bir də ondan artıq olan hissənin adını qoyuruq sığorta hissəsi. Beləliklə, sistem son dərəcə sadələşdirilir.
İşləməyən bütün pensiyaçılar bilirlər ki, onların pensiyasının 125 min manatı bunun baza hissəsidir, qalan hissəsi sığorta hissəsidir və bundan başqa onun heç bir əlavəsi, müavinəti yoxdur. Sabah pensiyaların artırılması bu iki elementin artırılması ilə baş verə bilər. Ya cənab Prezident fərman verib bazanı artıracaq – 125-dən 150-yə, 170-ə, 200-ə və sairə qaldıracaq, ya da sığorta hissəsi yenə eyni fərmanlarla neçə faizsə artırılacaq. Heç kəs, bir nəfər də artıq bizim şöbələrə müraciət edib deməyəcək ki, bu artım mənə düşür-düşmür və ya niyə mənə az, niyə çox düşür, çünki hamı üçün eyni, mütləq rəqəmlərlə ifadə olunmuş artımlarla gedəcək. Bu, sistemin son dərəcə sadə, şəffaf, anlaşılan olmasına gətirib çıxaracaqdır.
İşləyən pensiyaçılar, bildiyiniz kimi, bu gün bizim ən ağrılı yerlərimizdən biridir. Bu gün işləyən pensiyaçılar mövcud qanunvericiliklə pensiyanın cəmi 50 faizini alırlar. Bir zamanlar maliyyə vəsaitlərinin çatışmazlığı üzündən qanuna belə bir dəyişiklik edilib. Bu gün də həmin şəxslərin eyni vaxtda üç dəfə hüquqlarının məhdudlaşdırılması baş verib. Həm pensiyanın 50 faizin alırlar, həm işlədiklərinə görə sosial sığorta haqlarını ödəməkdə davam edirlər, həm də işi dayandırıldıqda onların pensiyalarının yenidən hesablanması hüququ 1997-ci ildə ortadan qaldırılıb, o da məhdudlaşdırılıb. Onda bəs onların işlədikləri müddətdə ödədikləri sosial sığorta haqları hara gedir? Niyə onun pensiyasının sonradan artırılmasına imkan verilmir? Bu da mövcud sistemin eybəcərliklərindən biridir.
Ona görə də nəzərdə tutulur ki, eyni proses işləyənlərə də şamil olunacaq. Onların da pensiyalarının ümumi məbləği yenə 2 yerə: baza hissəsinə və sığorta hissəsinə bölünəcək. Onlar baza hissəsini yeni ildən başlayaraq tam məbləğdə alacaqlar. Yəni bütün işləyən pensiyaçılar yeni ildən 125 min manat baza hissəsini alacaqlar. 125-dən artıq olan sığorta hissəsi isə onların fərdi hesabında qalaraq toplanmaqda davam edəcəkdir. Nəyə görə belədir? Onlar işləməkdə davam etdiklərinə görə sosial sığorta haqları ödəyirlər. Həmin sosial sığorta haqları da bu hesabda toplanacaq. İşi dayandıranda həmin məbləğ də, bayaq Hadi müəllim dedi, 144 aya bölünəcək və baza hissəsinin üzərinə əlavə olunacaqdır. Nəyə görə 144-də? Hazırda Azərbaycan Respublikasında orta yaşam müddəti 72,4 il təşkil eləyir.
Düzdür, qanun layihəsi hazırlanan zaman çoxlu mübahisələr doğurdu ki, pensiyada olma müddəti qadınlar üçün daha böyükdür, kişilər üçün daha azdır. Bildiyiniz kimi, qadınlar bizdə 57 yaşında əmək pensiyasına çıxırlar və qadınlar üzrə ölkədə orta yaşam müddəti 76 yaşdır. Amma kişilər üçün pensiyaya çıxmaq 62 yaş müəyyən olunub və 69 yaş da orta yaşam müddətidir. Ona görə də əvvəlcə nəzərdə tutuldu ki, bəlkə onlar üçün ayrı-ayrı yaş müddətləri müəyyən edilsin. Amma biz müxtəlif ölkələrin qanunvericikliklərini təhlil edib gördük ki, heç bir yerdə bu şəkildə ayırma yoxdur. Hər yerdə kişi və qadınlar üçün vahid bir orta pensiyada olma müddəti müəyyən edilmişdir. Bunun bir tərəfi də var. Əksər Avropa ölkələrində artıq kişilərlə qadınların pensiyaya çıxma yaşları bərabərləşdirilir. Amma bizdə bu qaldığına görə 12 il, yəni 144 ay nəzərdə tutduq.
Təbiidir, qanun layihəsinin ikinci oxunuşunda siz görəcəksiniz ki, layihədə 144 ay görünmür, çünki bunu müəyyənləşdirmək müvafiq icra hakimiyyəti orqanına həvalə olunub. Biz hesablamalarımızı cənab Prezidentə təqdim eləyəndə 144 ay məsələsini də təqdim eləmişik. 1 yanvar 2006-cı ilə qədər müəyyən iş stajına malik olub, bundan sonra işləməyə davam edəcək insanlar, yəni bizlər bu sistemin ən mürəkkəb kateqoriyasıyıq. Hər birimizin, məsələn, mənim şəxsən köhnə sistemdə 25 ildən artıq stajım var. 25 il normal işlərdə işləmişəm, yüksək də əmək haqqı almışam. Bunun da hamısından sosial sığorta haqqı ödəmişəm, müəyyən pensiya hüququ əldə eləmişəm. Əgər sabah mən ərizə yazsaydım ki, pensiyaya çıxmaq istəyirəm, onda mənə nə qədər pensiya düşərdi? Köhnə, yəni bu gün mövcud olan qanunlarla pensiya hesablanacaq. Eləcə də hər bir şəxs üçün, qeydiyyatda olan 1,5 milyon insan üçün bunu eləyəcəyik. Tutaq ki, mənə bugünkü qanunla 200 min manat pensiya düşəcək. Soruşa bilərsiniz ki, niyə belə az? Bir az sonra deyəcəyəm. Bugünkü pensiya sisteminin ən ağrılı tərəflərindən biri də məbləğlərə qoyulan məhdudiyyətdir. Əgər pensiyaya çıxan şəxsin son 24 ayda orta aylıq əmək haqqı 2 və ya 3 milyon manat olubsa belə 255 min manatdan artıq hissə atılır. Pensiya təminatı üçün yalnız 255 min manat qəbul edilir. Onun da 85 faizi maksimum olduğuna görə əsas kateqoriyalar üçün 216 min 750 manat pensiya ola bilər. Təbiidir ki, bayaq dediyimiz əlavələr ola bilər. Amma 216 min 750 manat maksimumdur. Tutaq ki, mənə 200 min manat hesablandı. Əgər mən sabah pensiyaya çıxmaq üçün ərizə versəm, həmin 200 min manatdan yenə əvvəlki qaydada olduğu kimi, 125 min manat çıxılacaq və 75 min manat mənim əldə etdiyim sığorta haqqı kimi müəyyən ediləcək və mənim hesabıma yazılacaq. Yeni sistemə mən həmin 75 min manatla keçirəm.
Yanvar ayının 1-dən biz hər kəsə sosial sığorta şəhadətnamələrini paylayacağıq. Artıq bu proses başa çatıb və məlumatlar toplanılır. Hər kəsə həmin sosial sığorta şəhadətnamələri üzərində nömrə görünəcək. Həmin nömrə ilə bizdə mərkəzi yaddaş bazasında hesab açılacaq. Bayaq dediyim 75 min manat mənim üçün həmin hesaba yazılacaq. Bundan sonra yeni sistemdə nə qədər işləyəcəyəmsə, ödədiyim sosial sığorta haqlarının məbləği orada qeyd olunacaq. Mən gələcəkdə pensiyaya çıxanda, Allah qoysa, həmin yeni sistemdə işləyib topladığım sosial sığorta haqları 144 aya bölünəcək, üstünə də həmin 75 min manat gələcək. Amma indiki 75 min manat yox. Bu məbləğ hər il indeksasiya olunacaq və mən pensiyaya çıxana qədər toplanacaq, artacaq. Bu məbləğ də üstünə gələcək, mənim sığorta hissəm müəyyənləşdiriləcək. İndi işləyən insanlar üçün pensiyaların təyin olunma mexanizminin məğzini göstərməyə çalışdım. Nəhayət, üçüncü qrup insanlar üçün – 1 yanvar 2006-cı ildən sonra işləməyə başlayacaq insanlar üçün heç bir problem yoxdur. Çox sadə şəkildə, onların hər birinə işə girdiyi yerdə sosial sığorta şəhadətnaməsi, nömrə veriləcək və işlədiyi müddət ərzində onlara hesab açılıb, ödədiyi sosial sığorta haqlarının uçotu aparılacaq. Pensiyaya çıxanda, eyni ilə olduğu kimi, orada yığılmış vəsait 144-ə bölünərək onun sığorta hissəsi tapılacaq və baza hissəsinin üstünə əlavə olunub onun pensiyası müəyyənləşdiriləcək. Bu, hazırda bütün dünya ölkələrində tətbiq olunan sistemdir.
Sonra, mən bir məsələni də diqqətinizə çatdırmaq istərdim, hörmətli millət vəkilləri. Bu gün bizim ən yaralı yerimizdən biri pensiyada mövcud sənədləşmə sistemidir. Bunu hər birimiz bilirik, bunun üzərindən sükutla keçmək, gizlətmək lazım deyil. Bugünkü sənədləşmə sistemi imkan verir ki, yerlərdə ayrı-ayrı inspektorlar, işçilər pensiya məbləğlərinin üzərində çoxlu şəkildə müxtəlif əməliyyatlar aparsınlar. Bugünkü pensiya sənədləri ilə heç cür müəyyən etmək mümkün deyil ki, pensiyanın məbləği nə qədər olmalıdır. On inspektor çağırıb belə bir məsələ qoysanız, hərəsi ortaya bir rəqəm çıxaracaq. Mən dəfələrlə bunu eksperiment kimi eləmişəm. Hərəsi ortaya bir rəqəm çıxaracaq. Ona görə də bunların hamısı ləğv olunmalı və arxivə getməlidir. Yeni sistemdə belə də nəzərdə tutulub. Biz bunların hamısını ləğv eləyirik. Dövlət Sosial Müdafiə Fondunda son dərəcə müasir, Avropa standartlarına uyğun, özü hərəkət edən ayrı-ayrı şkaf seksiyalardan ibarət, ümumilikdə ayrı-ayrı seksiyalar üzrə qapanıb açılan sistem yaratmışıq. Bütün pensiya sənədlərini həmin arxivdə yerləşdirəcəyik.
Bayaq dedik ki, 31 dekabra olan məbləğlər eyni şəkildə yeni sistemə trasformasiya olunur. Sadəcə iki yerə bölünür: baza və sığorta sisteminə. Sadə dosyelər, hər bir şəxs üçün iki vərəqdən ibarət dosyelər açılacaq. Həmin dosyelərdə çox sadə bir şey görünəcək. 31 dekabr tarixinə baza pensiyası 125, sığorta pensiyası 30, yəni bu adamın 155 min manat pensiyası var. Sabah, Allah qoysa, 1 apreldə cənab Prezident 125 manatı 150-yə çatdıranda orada əlavə yazılış olacaq – baza hissəsi 150, sığorta hissəsi 30 min manat; pensiya 180 min manata qalxır. Beləcə bütün ölkə üzrə pensiyaların avtomatlaşdırılmış idarəetmə sistemini qurmaq imkanımız olacaq. Son dərəcə sadə bir sistem olacaq. Hər hansı bir inspektor ora heç bir əlavə yazılış da eləyə bilməyəcək. Bu mümkün olan şey deyil. Ona görə də həm sənədləşmə son dərəcə sadə şəklə düşəcək, həm şəffaflıq son dərəcə yüksək olacaq, həm də hər bir şəxs biləcək ki, gedib hansısa bir şöbəyə müraciət etmək lazım deyil ki, mənim pensiyamı artırın, dəyişdirin. Bunlar mərkəzləşdirilmiş, avtomatlaşdırılmış şəkildə idarə olunacaq. Beləliklə, Azərbaycan Respublikasında əmək fəaliyyəti göstərən hər bir şəxs azı 5 il məcburi dövlət sosial sığorta sistemində iştirak etməklə, sosial sığorta ödəməklə dövlət təminatı formasında çıxış edən əmək pensiyasının baza hissəsini, bir də ödənilmiş sığorta haqlarının fərdi hesabda toplanan məbləğinin pensiyada olan müddətinə nisbəti şəklində ala biləcəkdir.
Hər bir şəxsin pensiyası iki hissədən ibarət olacaqdır. Yığım elementi barədə Hadi müəllim müəyyən qədər məlumat verdi. Burada məsələ nədən ibarətdir? Sığorta hesabı orada yığılacaq vəsaitlərin şərti yığımıdır. Yəni orada vəsait real yığılmır. Orada sadəcə ödənilən vəsaitlərin uçotu aparılır, yəni informasiyalar yığılır. Nəzərdə tutmuşuq ki, bir də müəyyən qrup insanlara, yəni 1973-cü ildən sonra doğulan, 37 yaşda olan insanlara 2010-cu ildən sonra yeni sistem tətbiq edilsin. Nəyə görə 37 yaş? Bu da elə-belə götürülməmişdir, çünki pensiyaya çıxma yaşı kişilər üçün 62 yaş müəyyən olunub. 62 yaşdan 25 ili çıxsaq, staj kimi 37 qalır. Bu gün staj kimi, 25 il tələb olunur. 25 il normal sosial sığorta stajı dövrü sayılır. 37 yaşda olan, 1973-cü ildən sonra doğulan insanlar 25 il çalışsalar, 62 yaşa gəlib çıxacaqlar.
1973-cü ildən sonra doğulan insanların öz maaşlarından ödədikləri sosial sığorta haqları bu gün 3 faiz təşkil edir. Onların hər birinin adına bankda ayrıca hesab açılacaq və həmin hesabda toplanacaq. Yəni nağd pul şəklində həmin hesabda toplansın. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin vəsaitlərin illik investisiya edilməsi prosesi baş versin, müxtəlif layihələrə, qiymətli kağızlara və ondan gələn dividendə, həmin vəsaitlərin üzərinə proporsional olaraq əlavə olunsun. Yığım hissəsi dünyanın müxtəlif ölkələrində çox uğurla fəaliyyət göstərir. Hətta MDB-nin indiki ölkələrində bayaqdan izah elədiyim həmrəylik sistemi yoxdur. Tamamilə yığım sistemidir. Məsələn, bu gün Qazaxıstanda yığım sistemi mövcuddur. Hər bir şəxs öz əmək haqqından hər ay 10 faiz ona açılmış hesaba göndərir, həmin hesabda yığılan vəsaitlər dövlətin Pensiya Fondu və 16 qeyri-dövlət pensiya fondları tərəfindən idarə olunur, hər hansı başqa pensiya nəzərdə tutulmur. 2025-ci ildən artıq 100 faiz hamı öz pensiyasını, oraya topladığı vəsaiti alacaq. Dövlət ona əlavə heç nə verməyəcək. Amma bu sistemin də çox böyük riskli tərəfləri var. Məsələn, tutaq ki, iki il bundan qabaq maliyyə mühiti çox gözəl olduğuna görə həmin vəsaitlər 50 faizdən yuxarı dividend gətirmişdi. Amma keçən il vəziyyət dəyişdi, inflyasiya faizi dividend faizini üstələdi və həmin pulların qiymətdən düşməsi prosesi baş verdi. Ona görə risk dərəcəsi burada böyükdür.
Azərbaycan Respublikasında yeni sistemi müəyyən edən zaman mən cənab Prezidentin yanında bu məsələlər barədə 1 saat məlumat verdim. Axırda belə qərar qəbul olundu ki, bu qədər riskə getmək olmaz. Biz daha çox üç elementin üçünü də özündə birləşdirən bir sistem qurmalıyıq. Onda həm baza hissəsi, dediyimiz həmrəylik prinsipinə əsaslanan element, həm də şərti yığıma aid sığorta hissəsi olsun, həm də üçüncü element, irəlidə danışdığım yığım elementi 2010-cu ildən sonra hazırda 37 yaşda olan şəxslərə də tətbiq ediləcək. Risklərə daha az məruz qalan pensiya sistemi olsun. Bu gün Avropa ölkələrinin əksəriyyətində də belə bir sistem fəaliyyət göstərir. Beləliklə, mən yeni sistemin üstünlükləri barədə sizə məlumat verərək çıxışımı bitirmək istəyirəm.
Hadi müəllim də burada müəyyən qədər danışdı. Əvvəla, pensiyaların təyin edilməsi zamanı əmək haqqı məbləği üzrə məhdudiyyətlər yeni sistemdə ləğv edilir. Bayaq dediyimiz 255 manat artıq yoxdur. Kim nə qədər sosial sığorta toplayacaqsa, ona uyğun da pensiya alacaqdır. İkincisi, pensiya məbləği bilavasitə sosial sığorta haqlarının məbləğindən asılı olacaq. Hər bir insan özünün gələcək pensiya təminatı üçün bilavasitə özü məsuliyyət daşıyacaq. Bu isə mövcud məşğul işçi qüvvəsinin və onun əmək gəlirlərinin leqallaşdırılmasını da stimullaşdırmalıdır. Açıq danışaq, bu gün Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon yarım sosial sığorta ödəyicisi var. Amma ölkədə məşğul əhalinin sayı
3 milyon 800 minə yaxındır. Bunun çox böyük hissəsi –
1 milyon 800 min nəfəri kənd təsərrüfatında torpaq sahələrinə malik insanlardır. Onların əksəriyyəti – 1 milyon 700 min nəfəri bu gün uçotda deyildir və durmaq da istəmirlər, çünki mövcud sistem həmrəylik prinsipinə əsaslandığı üçün onların buna heç bir marağı yoxdur.
Hər bir vətəndaş istənilən vaxt öz hesabında topladığı  gələcək pensiya məbləği haqqında məlumata malik olur. Pensiya təyinatı zamanı çoxlu sayda əlavə sənədə, arayışa, çıxarışa və sairə ehtiyac qalmır, çünki məbləğ bizim yaddaş bazasında var. Yalnız təyinat üçün ərizə təqdim olunacaq. Ərizədə sadəcə olaraq öz nömrəsini göstərəcək. Həmin nömrədə nə qədər vəsait toplanıbsa, ona uyğun da avtomatlaşdırılmış şəkildə pensiya təminatı aparılacaq. İşləyən pensiyaçılar üzrə mövcud ayrı-seçkilik aradan götürülür. Bu barədə mən danışdım.
Pensiyanın təyinatı vətəndaşın müraciət etdiyi vaxtdan deyil, pensiya hüququ yarandığı vaxtdan həyata keçirilir. Bunu burada Hadi müəllim də dedi. Mən də bu məsələyə bir balaca aydınlıq gətirmək istəyirəm. Bugünkü qanuna görə, insanın 62 yaşı və 25 il stajı varsa, onun pensiya hüququ yaranır, amma iki ildən sonra müraciət eləyir, yəni 64 yaşında müraciət etdiyi vaxtdan ona pensiya təyin edilir. 2 il boş getdi və bu da çoxlu sayda subyektiv amillərə yol açır. Yəni inspektora imkan yaradır ki, jurnalda ərizə ilə müraciət etdiyi vaxtdan yox, gizlincə yer tapsın, onu bir az qabağa yazsın. Belə halları aradan qaldırmaq lazımdır. İnsanın 62 yaşında artıq pensiya hüququ yaranıb. Nə olsun ki, gec müraciət eləyib. Ona görə yeni sistemdə bu aradan qaldırılır və neçə yaşında müraciət etməsindən asılı olmayaraq onun pensiya hüququ yarandığı gündən hamısı ona veriləcək. Bu da yeni sistemin ən böyük üstünlüklərindən biridir.
Artımlar şəffaf və mütləq rəqəmlə ifadə olunur. Bunu mən dedim. Gördüyünüz kimi, artıq indiyə qədərki artımlar olmayacaq. İki məbləğin – ya baza, ya da sığorta hissəsinin artımından söhbət gedəcək. Hər ikisi cənab Prezidentin fərmanı ilə mütləq rəqəmlə artırılacaq. Qanunla qüvvəyə mindiyi tarixdən sosial sığortaya daha çox ehtiyacı olan bir sıra şəxslərə pensiyaların baza hissəsi – aylıq pensiya məbləği artırılır. Bunun da üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Bizə bir çox suallar verilir ki, bu qanunun qüvvəyə mindiyi tarixdən kimin pensiyası artacaq? Əgər bu qanun 1 yanvardan qüvvəyə minəcəksə, o zaman əlilliyə görə əmək pensiyaları alan birinci qrup əlillərin pensiyası avtomatik şəkildə 30 min manat artır. Şəhid olmuş və sonradan vəfat etmiş Azərbaycan Respublikasının Milli qəhrəmanlarının ailə üzvlərinin pensiyası 150 min manat artır. Digər şəhidlərin ailə üzvlərinin pensiyası 45 min manat artır. Birinci qrup gözdən əlillərin pensiyası 125 min manat artır. Öhdəsində əmək qabiliyyətsiz ailə üzvü olan, işləməyən birinci qrup əlillər üçün ailənin əmək qabiliyyəti olan hər bir üzvünə görə 8 min manat artır. Öhdəsində ailə üzvləri əmək qabiliyyətsiz olan, işləməyən ikinci qrup əlillərin hər bir ailə üzvünə görə 8 min manat artır. Birinci qrup əlillərə qulluq üçün pensiyalar 115 min artırılır. Siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin pensiyası 15 min manat artır.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara, yəni müharibə əlillərinə, ümumiyyətlə, bütün hərbi qulluqçulara 15 min manat artırılır. Döyüşlərdə iştirak etmiş və əlil olmuş müharibə əlillərinə, birinci qrup əlillərə 150 min manat, ikinci qrup əlillərə 105 min manat, üçüncü qrup əlillərə 75 min manat əlavə məbləğ artırılır. Gördüyünüz kimi, bunun da fəlsəfəsi ona yönəlib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda öz canını qurban verənlərin, döyüşlərdə iştirak edənlərin aldıqları pensiyalar digərlərinə nisbətən xeyli yüksək olacaqdır. Ən azından baza hissəsi iki dəfə, 75 faiz artıb, 50 faiz artıq olması nəzərdə tutulur.
Mən xeyli, 25 dəqiqəyə yaxın vaxt sərf elədim, yeni sistemin üstünlükləri barədə qısa da olsa məlumat verməyə, onun fəlsəfəsini sizə çatdırmağa çalışdım. Ayrı-ayrı maddələr üzərində dayanmadım, çünki bu, birinci oxunuş üçün verilən məlumat idi. Konseptual baxımdan onun fəlsəfəsini açmaq istəyirdim. Məncə, hər hansı sual olarsa, cavab verə bilərəm.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Biz Tahir Budaqova da qulaq asaq, sonra müzakirələrə başlayaq.
T. Budaqov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də ilk növbədə Milli Məclisin üzvlərini seçilməkləri münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi adından ürəkdən təbrik etmək istəyirəm. Qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə hamınızı təbrik edir, can sağlığı, işlərinizdə uğurlar arzu edirəm. Burada sizin vaxtınızı çox almaq istəmirəm. Ona görə ki, Əmək pensiyaları haqqında qanun layihəsi barədə cənab Səlim Müslümov ətraflı məlumat verdi. İndi təqdim olunan Sosial müavinətlər haqqında qanun layihəsi Əmək pensiyaları haqqında qanun layihəsini tamamlayan sənəddir. Səlim müəllim məsələləri ətraflı göstərdi. Pensiyaların üzərinə hesablanan müxtəlif növ müavinətlər var idi ki, artıq yeni ildən tətbiq olunacaq yeni mexanizmlə həmin müavinətlərin ayrılması və ümumiyyətlə sığorta sistemi ilə büdcədən maliyyələşən hər hansı dövlət təminatlılarının bir-birindən ayrılmasını özündə ehtiva edir.
Həmin qanunda bu günəcən mövcud olan və əsasən Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə tənzimlənən müxtəlif növ müavinətlər bir yerə toplanaraq belə bir layihə hazırlanmışdır. Bu qanun layihəsi ilə göstərilən müavinətlərin növləri müəyyən olunub, onların təyin olunması mexanizmi göstərilib. Bu qanun qüvvəyə mindikdən sonra artıq hər bir müavinət növü üzrə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məbləğlər müəyyən olunacaq və mütləq rəqəmlərlə ifadə olunmuş məbləğlər ödəniləcək. Hər bir vətəndaş, Səlim müəllimin dediyi kimi, artıq fərmandan biləcək ki, kimə hansı müavinətlər ödənməlidir? Qısaca olaraq bu qədər.
Sədrlik edən. Hörmətli millət vəkilləri, müzakirəyə başlayaq, suallara başlayaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirə vaxtı sual da verə bilərsiniz. Elton Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, dəvət olunan qonaqlar! Azərbaycan müstəqil dövlət kimi cəmiyyətin bütün sahələrində, o cümlədən iqtisadi və sosial sahələrdə də Avropa hüquq məkanına sürətlə inteqrasiya edir. Dövlət başçısı, möhtərəm İlham Əliyev bu məsələlərə xüsusi önəm verir və kifayət qədər diqqət yetirir. Məhz bu baxımdan hörmətli Prezidentimiz tərəfindən Milli Məclisin müzakirəsinə qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri ölkədə pensiya islahatları konsepsiyasının icrasına yönəldilmiş lazımi və müasir hüquqi bazanın yaradılmasına xidmət edən təşəbbüsdür.
Qüvvədə olan pensiya qanunvericiliyinin təhlili göstərir ki, həqiqətən bu normativ aktlar, ilk növbədə, ölkəmizin pensiya sisteminin müasir, dövrün tələblərinə, iqtisadiyyatımızın təməl prinsipləri olan bazar prinsiplərinə, bu sahədə beynəlxalq hüquqdan və təşəkkül tapmış təcrübədən irəli gələn yanaşmalara cavab vermir.
Qeyd etməliyəm ki, müzakirə etdiyimiz qanun layihələri yüksək peşəkarlıqla hazırlanmışdır. Layihə müəllifləri, onu tərtib edənlər, xüsusilə çox hörmətli Dövlət Müdafiə Fondunun sədri Səlim Müslümov başda olmaqla sənədlərin hazırlanmasına böyük əmək sərf etmişlər. Qanun layihələri bütövlükdə müasir hüquqi tələblərə cavab verir. Çox önəmlidir ki, əmək pensiyaları haqqında qanun layihəsində əmək pensiyasının növləri, çoxuşaqlı anaların, valideynlərin pensiya təminatı, güzəştli şərtlərlə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə pensiya məsələləri öz əksini ətraflı və izahlı şəkildə tapmışdır. Biz bunu əyani şəkildə hörmətli Səlim müəllimin təqdimatında müşahidə etdik. Hesab edirəm ki, qanun layihələri müəyyən müzakirədən sonra birinci oxunuşda qəbul oluna bilər.
Bununla yanaşı qeyd etməliyəm ki, Əmək pensiyaları haqqında qanun layihəsinin bəzi maddələrində verilmiş müddəalar qanunun icrasını təmin etmək məqsədi ilə gələcəkdə qəbul ediləcək normativ hüquqi aktlarda istifadə oluna bilər. Məsələn, qanun layihəsinin 10-cu və 13-cü maddələrində verilən pensiya məbləğlərinin hesablanması ilə bağlı düsturlar, onların izahı və sair bu kimi müddəalar qanunun icra mexanizmində və gələcəkdə qəbul ediləcək qaydalarda və təminatlarda öz əksini tapa bilər və tapmalıdır. Qanun layihəsinin 20-ci maddəsi qulluq stajına görə əmək pensiyasına əlavələrdən bəhs edir. Maddənin mətni iki səhifə həcmindədir. Bu maddəni iki maddəyə ayırmaq və yazılışını daha da sadələşdirmək, düşünürəm ki, məqsədəuyğun olardı.
Qeyd edildiyi kimi, müzakirə etdiyimiz qanun layihələri çox vacib sənəddir, ölkənin bütün əhalisinə, ailələrə birbaşa aidiyyatı olan, geniş kütlələrin marağını əhatə edən normativ hüquqi aktdır. Parlamentin iş reqlamentinə görə biz bu sənədləri ikinci oxunuşa mart ayında çıxaracağıq. Mən təklif edirəm ki, hörmətli cənab sədr, sənədlər bu gün birinci oxunuşda qəbul edildikdən sonra əhalinin, mütəxəssislərin müzakirəsinə çıxarılmaq məqsədi ilə mətbuatda çap edilsin. Alınan təkliflər fevral ayında ümumiləşdirilsin, sənəd ikinci oxunuşa hazırlanan zaman məqbul sayılan hissələr qanun layihəsində öz əksini tapsın.
Çıxışımın sonunda bu gün gündəlikdə üçüncü olan bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Hörmətli cənab sədr, hörmətli deputat həmkarlarım, qısa bir arayışı nəzərinizə çatdırmaq istəyirəm. Bu həm ikitərəfli vergi ilə, həm də qüvvədə olan Vergilər Məcəlləsi ilə bağlıdır. Hamıya məlumdur ki, möhtərəm Prezidentimizin göstərdiyi yüksək səylər nəticəsində ölkəmizə investisiyalar axır və kreditlər verilir. Amma vergi prinsipində müəyyən ədalətsizliklər var. Bunlar da ondan ibarətdir ki, xarici banklardan alınan kreditlər birbaşa tender vasitəsilə udularaq xarici şirkətlərə verilir. Xarici şirkətlər fəaliyyətə başlayan zaman həmin vəsaitdən heç bir əlavə dəyər vergisi ödəmirlər. Ancaq xarici investisiyanın yönəldildiyi firmalar vasitəsi ilə Azərbaycan firmaları subpodrat təşkilat kimi bu işə cəlb edilən zaman onlar birbaşa əlavə dəyər vergisinə cəlb edilirlər.
Bu da, düşünürəm ki, bazar iqtisadiyyatı prinsipi ilə uğurla inkişaf edən ölkəmizdə sahibkarlığın inkişafına, sağlam rəqabətin qorunmasına xələl gətirir. Ona görə də bu məsələyə, hörmətli cənab sədr, baxılmasını təklif edirəm. Ehtiyac duyularsa, İqtisadi siyasət daimi komissiyası ilə belə bir qanun layihəsinin hazırlanma təşəbbüsünü mən şəxsən öz üzərimə götürürəm. Ümumilikdə, müzakirəsi gedən qanun layihəsini məqbul hesab edirəm və müəyyən müzakirədən sonra səsə qoyularaq qəbul edilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, gördüyümüz kimi, bu qanun layihəsi pensiya sistemində köklü islahatları nəzərdə tutur. Bu, inqilabi bir qanundur. Bu gün onun birinci oxunuşunu keçiririk, qabaqda ikinci, üçüncü oxunuşlar var. Çıxış etmək istəyənlər çoxdur. Ona görə də, xahiş edirəm, çıxışlara 3 dəqiqə verək ki, hamıya söz çatsın. Səsə qoyaq.

Səsvermənin nəticələri   (saat 17.26 dəq.)
Lehinə  84
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyanın əsas istiqamətlərindən biri də həyatımızın bütün sahələrində olduğu kimi, sosial sahədə də islahatların aparılması, fəaliyyətin müasirləşdirilməsi və beynəlxalq aləmə inteqrasiyasının gücləndirilməsindən ibarətdir. Milli Məclisin müzakirəsinə çıxarılan olduqca aktual bir məsələ – Əmək pensiyaları və Sosial müavinətlər haqqında qanun layihələri də məhz aparılan islahatların məntiqi yekunudur, pensiya təminatı sahəsində yeni bir mərhələnin başlanğıcı kimi olduqca əhəmiyyətlidir.
Müzakirə etdiyimiz Əmək pensiyaları haqqında qanun layihəsi Azərbaycan Respublikasında pensiya təminatının fəlsəfəsini və konsepsiyasını dəyişən, bu sahədə inqilabi dəyişiklik aparılmasını nəzərdə tutan, eyni zamanda pensiya təminatı sahəsində Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını gücləndirən bir qanun layihəsidir. Burada qeyd olunduğu kimi, biz uzun müddət sosialist sistemində yaşamışıq, sosialist sisteminin tələblərindən irəli gələn həmrəylik, nəsillərin bir-birini dolandırması prinsipinə əsaslanan pensiya sistemindən artıq yeni, müasir bir sistemə keçirik. Bu sistemin də əsasında yığım prinsipini, fərdi uçotu, hər bir pensiyaçının, vətəndaşın işlədiyi dövrdə öz pensiyasını təmin edəcəyini əsas götürən bir konsepsiya dayanıb.
Bu mənada çox yeni, mütərəqqi bir qanun olacaqdır. Düşünürəm ki, yaxın illərdə bu qanun daha da təkmilləşərək, təcrübə toplayaraq, Azərbaycanda pensiya sisteminin ən müasir səviyyəyə gəlib çıxmasına səbəb olacaq. Mən bu qanun layihəsinin üstünlükləri haqqında danışmaq istəmirəm. Hörmətli Səlim müəllim burada çox geniş danışdı və bu qanun işlədikcə hər bir vətəndaşımız, hər bir pensiyaçımız bu qanunun üstünlüklərini başa düşəcək. Bu gün millət vəkilləri burada belə bir suala cavab verməlidirlər: konseptual baxımdan belə bir qanun bizə lazımdır, ya lazım deyil? Qalan məsələlər ikinci oxunuşun predmetidir. Ona görə təklif edirəm ki, bütün millət vəkilləri qanunun konsepsiyasına olan münasibətlərini bildirsinlər. Mən hesab edirəm ki. belə bir qanunun qəbul olunması lazımdır, zəruridir, günün tələblərinə uyğundur.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəla, qeyd etmək istəyirəm ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Azərbaycan müstəqilliyini qəbul etdikdən sonra, 1992-ci ildə qəbul olunub. O qədər də köhnə qanun deyil, orada bir sıra mütərəqqi ideyalar var. Bu gün bizim müzakirəmizə təqdim olunmuş qanun layihəsi deyərdim ki, konseptual cəhətdən məqsədəuyğundur və qəbul edilməlidir. Amma əgər bu qanunu oxuyan yoldaşlar diqqət yetirsələr, görərlər ki, çox qəliz qanun layihəsi hazırlanıb, adi vətəndaş oxuyub bunun müəyyən müddəalarını araşdırmaqda çətinlik çəkəcək. Qanun layihəsi çox bəsit və sadə hazırlanmalıdır. Qanun layihəsində anlaşılması mümkün olmayan məsələlər hökumətin normativ aktlarında əksini tapmalıdır. Bütün hesablamalar aparılmalıdır. Bu qanun layihəsi konseptual cəhətdən qəbul oluna bilər və biz bunun üzərində işləməliyik.
Bu qanun layihəsində əmək pensiyası ilə əlaqədar üçpilləli sistem nəzərdə tutulub. Bu sistemin özündə də mübahisəli məsələlər var. Sosial sığorta uçotu ilə əlaqədar məsələlər var. Bu qanun layihəsinin, ümumiyyətlə, müddəalarında mübahisəli məsələlər çoxdur. Uzun danışmaq istəmirəm. Bayaq həmkarım qeyd etdiyi kimi, mən təklif edərdim ki, bu qanun layihəsi bütün komissiyalarda müzakirə edilsin, komissiyalar müzakirə edəndən sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılsın, çünki burada mübahisə doğuran məsələlər həddən artıq çoxdur.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun, cənab Sədr. Hörmətli sədarət və millət vəkilləri! Bu gün bizim iş günümüz sözün əsil mənasında çox məhsuldar keçdi və hesab edirəm ki, belə olmasa idi bu qədər işlər görə bilməzdik. Yaxşı mənada hesab edirəm ki, iş günümüz səmərəli keçdi.
Bu gün bizim müzakirə etdiyimiz, gündəlikdə olan iki qanun layihəsi – Əmək pensiyası haqqında, bir də Dövlət sosial müavinətləri haqqında qanun layihələri bir-biri ilə üzvi surətdə bağlıdır. Həm Səlim müəllim, həm də komissiyanın sədri tərəfindən bunlar haqqında məlumatı birgə eşitməyimiz də maraqlı oldu. Qanun layihələrinin belə qəbul olunmasının, əslində, sosial üstünlükləri nədir? Birinci, sosial sığorta ödənişlərinə, hörmətli sədr, cəmiyyətimizdə maraq artacaqdır. Bunu Səlim müəllim də dedi, çünki vətəndaş bilir ki, ödədiyi onun özünə çatacaq. İkinci, sistem, yəni sənədləşmə, sadələşdirilir. Üçüncü, sosial ədalət prinsipi bu qanunlarla təmin olunur. Bu da mühüm rol oynayır. Ona görə mən də qanun layihəsinin konseptual baxımdan birinci oxunuşda qəbul olunmasına tərəfdaram. Deputat həmkarlarımı da səs verməyə çağırıram.
Sadəcə olaraq bir sual vardır. Əgər ona ya Hadi, ya Səlim müəllim cavab versə, yaxşı olardı. Biz bu gün bir neçə qanunda dəyişikliklər apardıq. Mənimlə razılaşarsınız ki, həmin qanunlarda apardığımız dəyişikliklərdə bu məsələlərlə əlaqəli cəhətlər vardır. Ona görə də gələcəkdə bunlara yenidən qayıtmaq ehtimalı vardır. Biz əvvəl bu qanunları qəbul edib, sonra məsələyə qayıtsa idik, necə olardı? Yaxın gələcəkdə buna qayıtmağa ehtiyac olacaqmı? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, yəqin, bu məsələyə müzakirələr qurtarandan sonra baxa bilərik. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, mən konseptual baxımdan hər iki qanun layihəsinin birinci oxunuşun tələblərinə cavab verdiyinə görə bunların müzakirədən sonra səsə qoyulub qəbul edilməsinə tərəfdaram. Hörmətli həmkarlarımdan da xahiş edirəm, buna müsbət münasibət bəsləsinlər. Bununla bərabər sualım var, istərdim ki, həmin sual ya komissiyanın sədri, ya hörmətli Səlim Müslümov tərəfindən cavablandırılsın. Əmək pensiyaları haqqında qanun qüvvəyə mindikdən sonra sosial sığortanı ödəməyən və köhnə sistemlə pensiya alan insanların pensiyası hansı formada hesablanacaq? Əgər bir az da başqa formada desəm, sizin söyləmiş olduğunuz kimi, onun bir baza sistemi var, bir də sosial sığorta hissəsi var. Belə çıxmırmı ki, onların pensiyası və yaşayışı ancaq pensiyanın baza hissəsindən asılı olacaqdır. Beləliklə, onlar digər pensiyaçılardan ümumi yaşayış səviyyəsinə görə kifayət qədər aşağı hədlə maddi təminata malik olacaqlar və onların yaşayış səviyyəsi aşağı düşəcək. Bu kateqoriyadan olan insanlar kifayət qədər var. Əgər nəzərə alsaq ki, sosial sığortanın tətbiqi yüksək dərəcədə deyil, bu cür insanların pensiyasının hesablanması necə olacaq? Bu, müəyyən dərəcədə ədalət prinsipinin təmin edilməsində hansısa problemlər yaradacaq, ya yaratmayacaq?
İkinci, Sosial müavinətlər haqqında qanun layihəsində, sosial müavinətin tətbiq olunduğu kateqoriyalar içərisində nədənsə, hörmətli Hadi müəllim, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insanlara rast gəlmədim. Nədən həmin müavinətlərin verilməsi təsnifatında bu cür insanlar nəzərə alınmayıb? Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Əgər etiraz etmirsinizsə, müzakirənin axırında imkan yaradarıq, suallara cavab verərlər. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, mən qabaqcadan demək istəyirəm ki, hər iki qanun layihəsi bizim komissiyada qonaqlarımızın iştirakı ilə ətraflı müzakirə olunub. Bu qanun layihələrinin hər ikisi konseptual baxımdan Milli Məclis tərəfindən qəbul edilməyə layiqdir. Bu qanun layihələrinin Milli Məclisin tarixində ən mükəmməl işlənmiş qanun layihələrindən olduğunu xüsusi qeyd etmək istəyirəm. Səlim müəllimin də buradakı xidmətini ayrıca vurğulamaq istəyirəm.
Layihənin müsbət tərəfləri nədir? Müsbət tərəflərdən ən birincisi ondan ibarətdir ki, bu qanun layihəsi qanun halına düşəndən sonra qapı-qapı gəzib hər kəsin özünə uyğun pensiya yazdırmaq kimi neqativ hallar aradan qalxacaq, yəni sistem belə qurulub. Bu ən müsbət tərəflərdən biridir. Lakin mən müzakirə zamanı dediyim iki-üç məsələni Səlim müəllimin və müvafiq vəzifə sahiblərinin diqqətinə çatdırmaq istəyirəm.
Birincisi, bu qanun layihəsi sığorta vəsaitlərinin toplanmasına çox müsbət təsir göstərəcək, çünki pensiya ondan asılı olacaqdır. Bu müsbət haldır. Amma ehtiyat nədən ibarətdir? Hiss olunur ki, baza kimi ayrılan vəsait gələcək pensiyalarda mühüm rol oynayacaq. Orta təbəqə, aşağı təbəqə, sosial müdafiəyə ehtiyacı olan təbəqə, təbii ki, sosial sığorta fonduna çox az vəsait verəcəklər. Ona görə də bu məsələ, sonrakı müzakirələr üçün əlaqələr dostlarımızı düşündürməlidir və buna cavab tapılmalıdır. Elə olmasın ki, pensiya haqqında bu qanun da gələcəkdə işlərimizi çətinləşdirsin. Bu, əhalinin sosial müdafiəyə ehtiyacı olan geniş təbəqələrinin narazılıqlarına səbəb ola bilər. Mən ehtiyatlı olmağa çağırıram.
İkincisi, qanun qəbul olunandan sonra hökmən əvvəlki dövrlərdə pensiya sistemində olan ədalətsizliklər aradan qaldırılmalıdır. Yəni müvafiq olaraq müəyyən güzəştlər edilməlidir. Sovet dövründə təhsil, səhiyyə işçilərinin aldıqları əmək haqqı indiki bazarla indeksasiya olunmadığına görə çox çətin vəziyyətdədirlər. Xalq içərisində də müəyyən təbəqələrin böyük narazılıqları var. Sosial gərginliyi aradan qaldırmaq üçün əvvəlki dövrlə əlaqədar bu qanunla yanaşı müəyyən güzəştlər olmalıdır. Buna camaatın böyük ehtiyacı var.
Nəhayət, mənim sonuncu qeydim də var. Azərbaycan xalqının artım surəti olduqca ləngiyib. Bunu nəzərə almaq lazımdır. Çoxuşaqlı qadınlarla əlaqədar, elə rəqəmlər qoyulub ki, bu insanların əvvəlcədən təminatı olmalıdır. Həmin uşaqları doğan qadın, ailə bu uşaqları yaşada biləcəkmi? Bu hüquqlardan istifadə edəcəkmi? Sovet dövründəki müsbət nəticələri silib atmaq doğru deyil. “Qəhrəman ana” adı ləğv olundu. İndi elə etmək lazımdır ki, həmin qadınlarımıza, ailələrə biz qabaqcadan təminat verə bilək. On uşağı nə ilə saxlayacaq? Bu üç məsələyə diqqət göstərilməsini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Yaqub müəllim. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Çox aktual və vaxtında tələb olunan qanun layihələrini müzakirə edirik. Pensiya haqqında cəmiyyətdə çoxdan söhbətlər gedirdi. Bir müddət əvvəl iştirak etdiyimiz parlament seçkilərində hər birimizin dairəsində kifayət qədər insanlar pensiya ilə bağlı bizə suallar verirdilər. Mənim seçildiyim 47 saylı Mingəçevir seçki dairəsində pensiyanın maksimum həddi, pensiyanın hesablanma qaydaları, pensiyanın nə dərəcədə düzgün hesablanması barəsində kifayət qədər problemlər var idi. Çox şadam ki, Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim müəllim bizim bildiyimiz və ona müraciət etdiyimiz problemlərin bir çoxunu bu yüksək kürsüdən özü səsləndirdi. Bunun özü göstərir ki, pensiya sisteminin dəyişilməsi barəsində söhbət artıq çoxdan gedirdi.
Qarşımızda duran məsələlərdən biri də pensiya sistemində radikal dəyişikliyə səs verməkdir. Birmənalı şəkildə bununla hamımız razıyıq, pensiya sistemini kökündən və kəskin şəkildə dəyişmək lazımdır. Pensiyanın hesablanmasına yanaşmanı dəyişmək lazımdır. Pensiyanın toplanmasında tənqid etdiyimiz sistemi dəyişmək lazımdır. Hər bir insan bilməlidir ki, ilk növbədə gələcəkdə pensiyaya çıxarkən o nəyi ortaya qoyubsa, pensiya fonduna nəyi keçiribsə, həmin pensiyanı da ala biləcək. Bir nəslin digər nəslin pensiyasını ödəməsi sistemindən artıq təcili uzaqlaşmaq lazımdır. Bunun necə olacağı artıq bizə təqdim edilən qanun layihəsində təsvir edilibdir. Bu qanun layihəsini dərindən öyrənmək lazımdır.
Mən fürsətdən istifadə edib, hörmətli sədrdən çox xahiş edərdim ki, bu gün bizim qarşımızda edilən çıxış mətn şəklində hazırlanıb deputatlara verilsin. Onda biz köhnə sistemlə təzə sistemi müqayisə edə bilərdik, bizim əlavə informasiyamız olardı. Ancaq bu qanun layihəsini oxumaqla hesab etmirəm ki, yeni pensiya sistemi haqqında bizim tam təsəvvürümüz olar. Amma köhnə ilə təzənin müqayisəsi və təzə sistemin verəcəyi üstünlükləri ikinci oxunuşa qədər bizim əlavə məlumatlandırılmağımıza çox böyük ehtiyac var.
İkinci təklifim bundan ibarətdir ki, yeni pensiya sisteminin üstünlükləri, ümumiyyətlə, bunun haqqında cəmiyyətdə çox geniş izahat işi aparmaq lazımdır. Hər bir vətəndaşın, o cümlədən hazırda pensiyada olanın, gələcəkdə pensiyaya çıxanın da məlumatı olmalıdır ki, pensiyası hansı formada hesablanacaq? Səlim müəllimin bildirdiyi kimi, artıq hansısa məmur yol tapa bilməyəcək və yaxud vətəndaş pensiyasının artırılması üçün hansısa kabinetdən keçməli olmayacaq. İlk növbədə vətəndaş pensiya fonduna özünün keçirmələrinin artırılmasına çalışmalıdır.
Üçüncü, özəl pensiya fondlarının yaradılması ilə bağlı məsələ də var. Mən çox istərdim ki, bizdə də artıq özəl pensiya fondlarının yaradılması qanunla tənzimlənsin. Mən çox istərdim ki, müəyyən kateqoriya insanların pensiyaları artıq onların keçirdikləri vəsait ilə deyil, cəmiyyətdə tutduqları mövqe ilə bağlı hesablansın. Mən ilk növbədə çoxuşaqlıları, ailə başçısını itirmişləri və sosial pensiyaya ehtiyacı olanları sadalamaq istəyirəm. Onların pensiyası gələcəkdə minimum yaşayış səviyyəsini ödəyə bilsin. Bu qanun layihəsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də deyilən fikirlərə qoşuluram ki, həqiqətən, bu gün təqdim olunan qanun layihəsi Azərbaycanda pensiya sistemində inqilabi dəyişikliklərə gətirib çıxaracaqdır. Bu qanun layihəsində çox mütərəqqi müddəalar öz əksini tapıb. Ən vacibi isə, artıq bu sahədə yeni bir sistem bərqərar olacaqdır. Fürsətdən istifadə edib, mən Səlim müəllimə də təşəkkürümü bildirirəm ki, belə geniş bir məlumat verdi.
Digər tərəfdən, mən həmkarlarımın da təklifinə qoşularaq bildirmək istəyirəm ki, həqiqətən belə bir qanun layihəsinin ictimaiyyətin müzakirəsinə ehtiyacı var. Elton müəllimin təklifini müdafiə edirəm və hesab edirəm ki, bu, geniş ictimaiyyətdə də müzakirə olunmalıdır.
Bu qanun layihəsinin müəlliflərinə konkret bir sualla müraciət etmək istəyirəm. Burada əhali qrupları haqqında məlumat verilir və təsnifatlandırılıb. Lakin mən bilmək istəyirəm ki, əhali qruplarının təsnifatında müəyyən qrup insanlar var, xüsusilə akademik fəaliyyətlə, qeyri-hökumət təşkilatlarında məşğul olanlar nəzərə alınmayıb. Bilirsiniz ki, Azərbaycanda hal-hazırda daimi işlə təmin olunan bu cür 5 minə yaxın insan var. Mən bilmək istərdim ki, həmin insanlar bu təsnifatda yer alıb, yoxsa yox? Bəzən sosial müavinətlər tələb olunur, yaxud analıq məzuniyyətinə çıxmaq halları mövcud olur. Qeyri-hökumət təşkilatlarında, yaxud akademik fəaliyyətlə məşğul olan insanlar bəzən 6 aylıq, 1 illik müəyyən proqram çərçivəsində çalışırlar. Bundan sonra onların taleyi necə olacaq və həmin sistemdən necə istifadə edəcək? Bu suallara mən istərdim aydınlıq gətirilsin. Hesab edirəm ki, bu qanun layihəsi birinci oxunuşda qəbul oluna bilər və çox vacib bir qanun layihəsidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün müzakirə olunan iki qanun layihəsi Azərbaycan xalqının taleyüklü problemlərindən ən vacibləridir. Mənə elə gəlir ki, bu iki qanun layihəsi birinci oxunuşda qəbul olunmalıdır və gələcək oxunuşlara isə hazırlıq işləri görülməlidir. Buna özüm daxil olmaqla bütün millət vəkillərini səs verməyə çağırıram. Bu gün Səlim müəllimin çıxışına diqqətlə qulaq asdıq. Yeni statistik riyazi metodla hazırlanmış hesabat göstərir ki, Səlim müəllim ciddi hazırlıq işləri görüb və birinci qanundan çox ciddi şəkildə fərqlənir.
Heç gizli deyil ki, əsası ümummilli liderimiz cənab Heydər Əliyev tərəfindən qoyulan, hal-hazırda hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, sosial inkişaf əsas verir ki, bu qanunlar yenidən işlənilsin və əhalinin sosial-iqtisadi problemləri həll olunsun. Burada hörmətli millət vəkili Yaqub Mahmudov, düzdür, qısa dedi, amma mən istərdim bunu bir az açıqlayım. Məni 77 saylı seçki dairəsindən seçən seçicilər çox haqlı olaraq bəzi problemlər qaldırıblar. Onlardan biri də qəhrəman analara verilən müavinətlərlə bağlıdır. Bu gün qəhrəman ana, demək olar ki, yaddan çıxarılıb. Belə anaları yaddan çıxarmaq Azərbaycan xalqının artımını yaddan çıxarmaq deməkdir. Mən Səlim müəllimdən çox xahiş edirəm, qəhrəman analara müavinətlərin verilməsi məsələsinə fikir versin. İmkan daxilində bu problemin həllinə çalışsınlar.
İkinci, bu qanun layihəsində dəniz səviyyəsindən yüksəklikdə yaşayan vətəndaşlara ayrıca əmsalların tətbiqi və ona uyğun müavinətlərin və pensiyaların verilməsi məsələsinə baxılmamışdır. Mən çox xahiş edirəm ki, imkan daxilində buna da baxılsın. Digər deputat yoldaşların dedikləri kimi, uşaq pullarının artırılması məsələsinin imkan daxilində bu layihədə nəzərdə tutulması daha yaxşı olardı. Mənə elə gəlir ki, bu problem burada oturan bütün millət vəkillərinin ürəyindən keçən problemlərdəndir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fərrux Zeynalov.
F. Zeynalov. Çox sağ olun. Hörmətli Sədr, dəyərli millət vəkilləri! Mən hesab edirəm ki, bu qanun layihəsi hamımızın ürəyincədir. Əsasən sosial təbəqəni əhatə edən qanunu çoxdan gözləyirik. Mən də deputat yoldaşlarıma qoşulub bunun ilk oxunuşdan qəbul olunmasına razıyam. Hörmətli Səlim müəllim bəzi şeyləri düzgün dedi, amma qaranlıq məsələlər də çoxdur. Bu 150 min baza nəyə söykənir, hansı əsaslarla 150 min götürülüb? Eyni zamanda, Səlim müəllim dedi ki, Avropa ölkələrinin standartlarına uyğun qanun layihəsidir. Həmin Avropa standartlarına nə dərəcədə uyğun gəlir? Yəqin ki, gələcək iclaslarımızda bu məsələ aydınlaşar. Mən də bu qanun layihəsinin qəbul olunmasına tərəfdaram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan hər iki qanun layihəsi bütün Azərbaycan xalqının iradəsini ifadə edən bir qanun layihəsidir. Hər bir Azərbaycan vətəndaşı – istər pensiyaçı, istərsə də gənc
olsun, işlədiyi müddətdə istəyir ki, gələcəyini düşünsün, gələcəkdə yaşayışını təmin edən pensiya ala bilsin. Mən ilk növbədə belə bir qanun layihəsini işləyib hazırlayan mütəxəssislərə, rəhbərlərə öz minnətdarlığımı bildirirəm. Doğrudan da, böyük, çətin bir qanun layihəsidir. Bu qanun layihəsində hər şey yaxşıdır. Bizim burada rəy və təkliflərimiz var. 3 oxunuşda olduğuna görə mən bu təklifləri eləmirəm, gələcəkdə öz fikirlərimizi bildirəcəyik.
Bu qanun layihəsindən belə çıxır ki, pensiya minimum əmək haqqına yaxınlaşdırılır. İndi minimum əmək haqqı 125 min manatdır və gələcəkdə 150 min manat olacaq və baza hissəsi 150 min manatla götürüləcək. Azərbaycanda əmək haqqı fərqləri var. Hər sahənin özünə uyğun spesifik əmək haqqı tarifləri, dərəcələri var. Bir kateqoriya insanlar – müəllimlər, səhiyyə işçiləri ilə digər sahələrdə çalışanların əmək haqlarında böyük fərq var. Əgər biz baza hissəni bərabərləşdiririksə, hər bir adam sığortaya 3 faiz ödəyəcəksə, gələcəkdə o qədər də artım, yəni nə qədər çox ödəyəcəksə, bir o qədər də az alacaq. Bu onu göstərir ki, yenə də aşağı maaş alanlarla yüksək əmək haqqı alanlar arasında böyük fərq olacaq. Pensiya yaşına çatan, ahıl insanlar elə pensiya almalıdırlar ki, onlar öz ailələrini və yaxud özlərini bir ay müddətində dolandıra bilsinlər. Gələcəkdə bu haqda düşünmək və baza hissəsini heç olmasa minimum əmək haqqına yaxınlaşdırmaq lazımdır. Aşağı əmək haqqı alanlar yaşayış minimumu qədər pensiya alacaqlarsa, ailəsini dolandıracaq və dövlətdən asılı olmayacaq.
İkinci tərəfdən, bayaq hörmətli Səlim müəllim qeyd etdi, Qarabağ döyüşlərində, döyüşən orduda olanların pensiyaları 150 min manat artacaq, şəhid ailələrinə onlardan aşağı. Birinci növbədə biz şəhid ailəsinə yüksək qiymət verməliyik. Ailə başçısı şəhid olub, vuruşub və onun ailəsi, həyat yoldaşı qalıb. Digər qardaşımız gedib yaralanıb, ailəsinin üstünə qayıdır, müəyyən vasitələrlə ailəsinə kömək edir. Bu məsələyə baxmaq lazımdır. Şəhid ailəsi ilə onların arasında fərq qoymaq düz deyil. Yəni ailə başçısı yoxdur, şəhid olub, ancaq şəhid ailəsinə əlavə 50 min manat vəsait verilir. Bunları deməkdə, sadalamaqda məqsədim odur ki, gələcəkdə digər oxunuşlarda həmin məsələni bir daha müzakirə edək, bir daha baxaq.
Sədrlik edən. Çox sağ olun, Səttar müəllim. Əli Hüseynov.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Bu qanun layihəsi dövlət quruculuğu məsələlərinə aid olduğuna görə bizim komissiyada da Sosial siyasət daimi komissiyası ilə birlikdə müzakirə olunub. Bu, həqiqətən də, Azərbaycan pensiya sisteminin müasirləşdirilməsinə və pensiya təminatının şəffaflaşdırılmasına xidmət edən bir qanun olacaqdır və birmənalı tərəfimizdən müdafiə olunur.
Burada səslənən bir fikrə münasibətimi bildirmək istəyirəm, cənab sədr. Bu qanun layihəsi ilə bağlı söylənildi ki, mürəkkəbdir, bir çox məsələlər Nazirlər Kabinetinin qərarı ilə də tənzimlənə bilər. Bu çox yanlış bir fikirdir. Niyə? Çünki Azərbaycanda biz hüquqi dövlət qururuq. Konstitusiyanı 1995-ci ildən qəbul etmişik. Hüquqi dövlətin mahiyyəti ondan ibarətdir ki, bütün məsələlər hər hansı normativ aktlarla yox, qanunla tənzimlənsin. Təkcə bugünkü müzakirələrdə normativ hüquqi aktları qanunla əvəz etdik. Niyə? Ona görə ki, qanunla tənzimlənən məsələlər ictimaiyyət üçün aydın olur və hər hansı bir məmurun istəyi ilə buna düzəliş etmək baş tuta bilməz. Ancaq parlamentin müzakirəsindən keçə bilər. Bu baxımdan hesab edirəm ki, bu qanunda pensiya ilə bağlı məsələlərin, düzdür, çox geniş, amma konkret olaraq sadalanması çox müsbət bir məsələdir və şəffaflığı təmin edir.
İkinci müsbət hal ondan ibarətdir ki, cənab Sədr, “Korrupsiyaya qarşı mübarizə haqqında” dövlət proqramının xüsusi bir bəndi var. Qanun layihələri qəbul olunarkən tövsiyə olunub ki, korrupsiyaya qarşı mübarizə baxımından ekspertizadan keçsin. Bu gün Səlim müəllimin məruzəsində çox müsbət bir halın şahidi olduq ki, bu sahədə mövcud olan ayrı-ayrı pozuntulara qarşı burada konkret olaraq üsullar nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, cənab sədr, bu qanun çox zəruridir, qəbul etmək lazımdır. Ölkə Prezidenti Azərbaycanın iqtisadi inkişafı ilə bağlı priaritetlər müəyyənləşdirib. Azərbaycan intibah dövrünü yaşayır və təbii ki, pensiya islahatları da köklü şəkildə dəyişməlidir. Hesab edirəm ki, bu günün tələbinə uyğun olan bir qanun layihəsidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Çox sağ olun, Oqtay müəllim. Cənab Prezidentimiz Milli Məclisin üçüncü çağırış ilk iclasında çıxış edərkən parlamentdən gözləntilərini dilə gətirdi, bildirdi ki, Azərbaycanda çox mühüm islahatların köklü, cəsarətli islahatların aparılması üçün hüquqi bazasının yaradılmasında parlament müstəsna rol oynamalıdır. Mən çox sevinirəm ki, möhtərəm Prezidentimizin həmin çağırışına cavab olaraq bu gün parlament pensiya sahəsində çox köklü bir islahatın qanunvericilik bazasını təşkil edən qanunu layihəsini müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, böyük dəyişikliklərdən xəbər verən və çox mütərəqqi, islahat xarakterli bir qanun layihəsidir. Mən Səlim müəllimə həm qanun layihəsinin bu səviyyədə hazırlanıb təqdim edilməsinə, həm də gözəl təqdimatına görə təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, doğrudan da, Səlim müəllim digər məmurlarımız üçün də bir nümunə olmalıdır. Qanun layihələri parlamentə yüksək səviyyədə təqdim edilməlidir.
Mən bir niyyətimi dilə gətirmək istəyirəm. Pensiya islahatı əslində iqtisadi islahatların ardınca gedən bir islahat olmalıdır, yəni mahiyyət etibarı ilə yedək xarakterli bir islahatdır. Ancaq bu gün həmin sahədə çalışan insanların yerində olması, peşəkar olması ona gətirib çıxarır ki, pensiya islahatı Azərbaycanda iqtisadi islahatdan daha öncə baş verir, reallaşır. Mən çox arzulayardım ki, iqtisadi sahədə də islahatlarımız sürətlənsin, inkişaf etsin və Sosial Müdafiə Fondu sədrinin təqdim etdiyi səviyyədə qanun layihələri bizim müzakirəmizə çıxarılsın. Mən düşünürəm ki, yeni il qabağı bu, Azərbaycan pensiyaçılarının, Azərbaycan əhalisinin böyük bir hissəsinə Milli Məclisin çox dəyərli, çox qiymətli bir töhfəsi olacaqdır. Eyni zamanda, Prezidentin səsləndirdiyi islahat kursuna cavab verən çox gözəl bir addımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən görürəm ki, Fəttah müəllim də yazılıb, ona da söz verək və bununla da müzakirəni qurtaraq.
F. Heydərov. Çox hörmətli Sədr, hörmətli deputat həmkarlar! Qeyd olunduğu kimi, doğrudan da, çox lazımlı, yerində, dövlət quruculuğu sahəsində gedən islahatlara uyğun bir qanun layihəsi təqdim olunub. Mən nəyə görə bu barədə danışmaq istədim? Prosedur qaydalarına görə ikinci və üçüncü oxunuşlar keçirilməlidir. Ancaq Milli Məclis məzuniyyətə gedəcək. Büdcə ili başlayır. Bu qanun layihələrini ikinci, üçüncü oxunuşda nə zaman qəbul edəcəyik ki, büdcə ilində bu qanunlar tətbiq olunsun. Qanun layihələri Prezident Aparatı tərəfindən təqdim olunduğu üçün mən istərdim ki, bir qərara gələk. Ola bilsin ki, məzuniyyətin ortasında, hansı bir vaxtdasa, məcbur qalıb bu qanunları qəbul etməli olacağıq. Məsləhət olarsa, bunun ikinci və üçüncü oxunuşunu təşkil edə bilərik. Mənə belə gəlir ki, bu barədə Sizin və deputatların məsləhətinə ehtiyacımız var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Məzuniyyət müddəti 15 gündür. Məzuniyyətdən sonra komissiyalar işləyir. Lazım olsa, biz növbədənkənar sessiya çağırıb bu məsələlərə baxacağıq.
Hörmətli millət vəkilləri, müzakirələrdə iştirak etdik. Səlim müəllim çıxışında çox gözəl açıqlama verdi. Birinci oxunuş üçün konseptual şəkildə biz qanun layihələrini qəbul edə bilərik.
Müzakirəni bir yerdə etdik, ancaq səsvermə ayrı-ayrı olacaqdır. Birinci, Əmək pensiyaları haqqında qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirin.


Səsvermənin nəticələri   (saat 18.00 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  98
Nəticə: qəbul edildi


Qəbul edildi, çox sağ olun. Xahiş edirəm, Dövlət sosial müavinətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 18.00 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bu gün üçüncü çağırış payız sessiyasının son iclası idi. Bu iclasda çox məhsuldar işlədik. Ona görə də sizin hamınıza minnətdarlığımı bildirirəm. Üçüncü çağırış payız sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir).
Sədrlik edən. Çox sağ olun. Bir daha hamınızı təbrik edirik, can sağlığı, xoşbəxtlik arzulayırıq, həmişə işlə əlaqədə olasınız. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU