06.03.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 43
Mill Məclisin iclas salonu.
6 mart 2007-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
X. Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti.
V. Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin rəisi.
D. Yaqubov, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sərmayələr İdarəsi rəisinin müavini.
Ə. Cəfərli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sərmayələr İdarəsi rəisinin müavini.
İ. Rəcəb, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin mütəxəssisi.
İqor Kirdoda, Russneft Abşeron İnvestments Limited Şirkətinin xarici-iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti.
Viktor Savelyev, Russneft Abşeron İnvestments Limited Şirkətinin geologiya və neft yataqlarının işlənməsi üzrə vitse-prezidenti.
* * *
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
M. Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi məsələləri şöbəsinin müdiri.
A. Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
V. Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
A. Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Z. Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Russneft Abşeron İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə.
2. “GUAM-ın iştirakçısı olan dövlətlərin xarici işlər nazirlikləri arasında diplomatik nümayəndələrin hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə.
3. “Demokratiya və İqtisadi İnkişaf Təşkilatı – GUAM-ın Prosedur Qaydalarının, Katibliyinin Əsasnaməsinin və Maliyyə Əsasnaməsinin təsdiq olunması haqqında” Qərarın təsdiq edilməsi barədə.
4. Ümumdünya Poçt İttifaqının “Poçt ödənişləri xidmətləri haqqında” Sazişinə qoşulmaq barəsində.
5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə.
6. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Russneft Abşeron İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “GUAM-ın iştirakçısı olan dövlətlərin xarici işlər nazirlikləri arasında diplomatik nümayəndələrin hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Demokratiya və İqtisadi İnkişaf Təşkilatı – GUAM-ın Prosedur Qaydalarının, Katibliyinin Əsasnaməsinin və Maliyyə Əsasnaməsinin təsdiq olunması haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Ümumdünya Poçt İttifaqının “Poçt ödənişləri xidmətləri haqqında” Sazişinə qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
6 mart 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 96
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, martın 6-sı və 16-da keçiriləcək iclasların gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.00 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin müzakirəsinə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən sizin diqqətinizi iki problemə cəlb eləmək istəyirəm. Əgər zamanım çatsa, hər ikisini deyəcəyəm. Birinci problemlə bağlı bildirmək istəyirəm ki, ölkə rəsmilərinin hər fürsətdə Azərbaycanın Avropaya inteqrasiyasından, vətəndaşlara mane olan bürokratik əngəllərin minimuma endirilməsindən, onların həyat və fəaliyyətinə yersiz inzibati müdaxilələrin aradan qaldırılmasından danışmalarına baxmayaraq, reallıq vəziyyətin tamamilə başqa cür olduğunu göstərir.
Bir misal göstərim. Dünyanın bütün normal ölkələrində, o cümlədən qonşu Rusiyada və Gürcüstanda fərdi avtomobillərin başqasına etibar edilməsinin notarial qaydada təsdiqlənməsi aradan götürülüb. Təəssüflər olsun ki, Azərbaycanda SSRİ-dən qalmış bu mənasız bürokratik maneə bu günədək qüvvədə saxlanır. Özü də necə. Notarial qaydada təsdiqlənmiş etibarnamənin zəruriliyi az imiş kimi, Dövlət Yol Polis Xidməti bu məsələni daha da qəlizləşdirib. Əgər vətəndaş kiminsə maşınını etibarnamə ilə sürmək istəyirsə, onu DYP-də qeydiyyatdan keçirməlidir. DYPX-nin əməkdaşları bu absurd tələbi guya maşın oğurluğunun qarşısının alınması və qəza törətmiş sürücülərin asanlıqla müəyyənləşdirilməsi ilə əlaqələndirirlər. Əslində, bütün bunlar mənasız bəhanələrdir və sanki hər şey vətəndaşlardan rüşvət yığılması üçün düşünülüb. Çünki rüşvət vermədən etibarnaməni DYP-də qeydiyyatdan keçirmək çətin məsələdir. Hər kəs bunu bilir.
Digər tərəfdən, bu, vətəndaşların konstitusion əmlak hüquqlarının kobud surətdə pozulması deməkdir. Etibarnamələrin DYP-də qeydiyyata alınması vətəndaşlar üçün görünməmiş problemlər yaradır. Vətəndaş ən azı bir gününü itirir – maşınını DYP-nin həyətinə sürməli, orada süründürülməli və sonra da məlum qaydada etibarnaməsini qeydiyyatdan keçirməlidir. Təsəvvür eləyin ki, Bakıda yaşayan avtomobil sahibi bir müddətə Bakıya qonaq gəlmiş hansısa qohumuna etibarnamə verərsə, həmin qonaq maşını sürüb özünün pasport qeydiyyatında olduğu rayona, deyək ki, Qazaxa getməlidir, etibarnaməni DYPX-nin yerli polis bölməsində qeydiyyata aldırmalıdır ki, bu da onun üçün xeyli maliyyə və vaxt itkisi deməkdir. Həmin qonağın ona etibar edilən maşını Qazaxa sürmək imkanı yoxdursa, onda respublika Dövlət Yol Polis Xidmətindən alınması mümkün olmayan avtomobilə baxış aktı götürməli, həmin aktı şəxsən özü Qazaxa aparmalıdır ki, onun əsasında etibarnaməsini qeydiyyata aldıra bilsin.
Başqa bir misal. Tutaq ki, ucqar kənddə yaşayan avtomobil sahibi ölüm ayağındadır, yerindən tərpənə bilməz, rayondan ona təcili həkim gətirmək lazımdır. DYPX-nin məntiqinə görə, həmin xəstənin sürücülük vəsiqəsi olan oğlu atasının həyatını xilas eləmək üçün etibarnaməsi olmadığından onun maşınını sürüb həkim gətirə bilməz. Yəni bu bürokratik əngəl dünyanın bütün normal ölkələrində aradan qaldırılıbdır və bizdə bu məsələni...
Sədrlik edən. Sağ olun. Arzu müəllim, mən dedim gündəliyi müzakirə eləyək. Bu məsələ barədə Siz bir deputat kimi müraciət də eləyə bilərdiniz. Bizə də müraciət edə bilərdiniz. Xahiş edirəm, gündəlik ətrafında danışın. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mümkünsə, mənim əvəzimə Əli Hüseynovun danışmasına şərait yaradasınız. Təşəkkür edirəm.
Sədrlik edən. Buyursun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, bildiyiniz kimi, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş Dövlət qulluqçularının etik davranış Kodeksi haqqında qanun layihəsi üçüncü oxunuşa təqdim olunmalıdır. Dövlət qulluqçularının etik davranış Kodeksi haqqında qanun layihəsi ikinci çağırış parlamentdə müzakirə olunmuş və ikinci oxunuşda qəbul edilmişdir. Amma məlumat üçün bildirmək istəyirəm ki, bundan sonra bu məsələ Korrupsiyaya qarşı mübarizə üzrə komissiyada müzakirə olunmuş və bir müddət sonra cənab Prezident tərəfindən Dövlət qulluğu məsələləri komissiyası yaradılmışdır. Belə qərara alınmışdır ki, bu etik davranış Kodeksi həmin komissiya ilə birlikdə işlənib hazırlansın.
Hazırda qanun layihəsi elə bir vəziyyətdədir ki, biz onu üçüncü oxunuşa təqdim edə bilmirik. Yəni burada çoxlu dəyişikliklər edilmiş, hətta müəyyən fəsillər çıxarılmışdır. Yeni ideyalar verilmişdir. Ona görə mənim sizdən xahişim ondan ibarətdir ki, yarım saatlıq müzakirədən sonra mümkünsə, Milli Məclisin qərarı ilə Dövlət qulluqçularının etik davranış Kodeksi ikinci oxunuşa qaytarılsın. Biz bu qanun layihəsini ikinci oxunuşa təqdim etsək, həm parlamentdəki təkliflərdən, fikirlərdən bəhrələnə bilərik, həm də qanun layihəsi üzərində işimizin yeni konsepsiyasını təqdim edə bilərik. Bununla bağlı Sizdən xahiş edərdim ki, bu məsələ sonda səsə qoyulsun.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Əgər İltizam müəllimin qaldırdığı məsələ qanunvericiliklə bağlı məsələdirsə, bizim komissiyaya müraciət edə bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat mənsubları! Mənim bu gündəliklə bağlı elə bir qeydim yoxdur. Amma bir təklif vermək istəyirəm. Ötən həftə Xocalı faciəsi ilə bağlı dinləmələr oldu, ondan sonra iki sənəd qəbul elədik. Avropanın və Amerikanın bir sıra şəhərlərində, o cümlədən qonşu ölkələrdə də Xocalı faciəsi ilə bağlı tədbirlər keçirildi, mitinqlər oldu. Bunlardan biri də fevral ayının 26-da Tehranda oldu və İran polisi onu vəhşicəsinə dağıtdı, bir neçə adamı zindana saldı. Bunların arasında Azərbaycan icmasında, milli hərəkatda çox tanınmış Əkbər Azad, Aran Məhəmmədzadə kimi fəallar var. Onlar hər il Xocalı faciəsi ilə bağlı tədbirlər təşkil edirlər. İndi Əkbər Azadı İranda işgəncələrin simvoluna çevrilmiş “evin” zindanına salıblar.
Yadınıza gəlirsə, bir ay bundan əvvəl BMT komitəsində və Baş Məclicdə İranda insan haqlarının və milli haqların pozulmasına dair qətnamə müzakirə olunurdu. Azərbaycan nümayəndə heyəti onun əleyhinə səs verdi. Amma buna baxmayaraq, o sənəd qəbul olundu. Məncə, indi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalıda məhv olan insanların müsəlman olduğunu xatırladaraq, İran tərəfindən Xocalı faciəsi ilə bağlı İran polisinin niyə bu cür vəhşilik etdiyi barədə bir izahat tələb etməlidir. Keçən həftə birinci dinləmə oldu. Bu dinləmədən sonra bəlkə İranda baş vermiş bu hadisə ilə bağlı bir dinləmə keçirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Hörmətli Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün bizim müzakirə edəcəyimiz məsələlərin böyük əksəriyyəti müstəsna əhəmiyyətə malikdir. Ümidvaram ki, iş günü ərzində biz bu məsələləri müzakirə edib müvafiq qərar və ya qanunların həyata vəsiqə almasına səs verəcəyik.
Amma bununla bərabər, cənab Sədr, mən bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Azərbaycan parlamenti Azərbaycanın hakimiyyət sistemində insan haqlarının əsas təminatçılarından biridir və ona görə burada İnsan hüquqları daimi komissiyası da fəaliyyət göstərir. Məlum olduğu kimi, bu ayın 2-də məşhur jurnalist Elmar Hüseynovun qətlinin iki illiyi tamam oldu. İki il çox böyük müddətdir. Ölkədə mətbuatın və jurnalistikanın demokratikləşməsi üçün həyatını qurban verən bir mətbuat nümayəndəsinin, bir jurnal redaktorunun qətlinin üstünün açılması üçün böyük müddətdir.
Qəribə bir vəziyyət yaranıb. Türkiyədə qətl törədilir, Türkiyə polisi 24 saat ərzində qatili də yaxalayır, sifarişçini də. Azərbaycanda qətl törədilir, ona baxmayaraq ki, sifarişçilərin, demək olar, hamısının adı və yaşadığı yerlər bəllidir, bu adamları tapıb Azərbaycana gətirmək böyük bir problemə çevrilir. Elmar Hüseynova bilavasitə kim güllə atıb və kimin atdığı güllə ilə bu adam qətlə yetirilib, adına, familiyasına qədər, hətta daşıdığı ayamaya qədər bəllidir. Təəssüflər olsun ki, indiyə qədər bu istiqamətdə bir irəliləyiş yoxdur.
Ölkə başçısı vaxtilə bildirdi ki, bu qətli törədənlər və onun sifarişçiləri ən qısa müddət ərzində tapılıb, haqq məhkəməsinin qarşısında dayanacaqlar. Amma indiyə qədər bir irəliləyiş yoxdur. Deyirlər, guya interpola axtarışa vermişik. Əgər bu adamları jurnalistlər gedib tapıb, danışdıra bilirsə, bunların şəklini çəkə bilirsə, interpol bunları niyə tapa bilmir? Gürcüstan məgər Cənubi Afrika, yaxud Cənubi Amerika zaddır ki, bizim prokurorluq, polis, təhlükəsizlik orqanlarımız bu qatilləri oradan tutub gətirə bilmir? Mən xahiş edirəm, Oqtay müəllim, Milli Məclisin Sədri kimi Siz öz nüfuzunuzdan istifadə edin...
Sədrlik edən. Sağ olun, Cəmil müəllim, mən qeyd elədim özümdə. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim bir xahişim olacaq. Mən bunu ötən iclasların birində də dedim. Sosial siyasət komissiyasının sədri hörmətli Hadi müəllim də parlamentdə bildirmişdi ki, “Ünvanlı sosial yardım haqqında” Qanunda dəyişiklik olacaq. Çünki burada çox böyük problemlər yaranıb. Məsələn, mənim təmsil etdiyim Tovuz rayonunda bu gün cəmi 350 adam ünvanlı sosial yardım ala bilir. Nəyə görə yardım ala bilmirlər? Çünki çoxlu sənədləşmə işləri, bürokratik əngəllər var. Düşünün, kəndlərdə savadsız insanlar var, çox şeydən məlumatları yoxdur. Bir də görürsən, hansısa bir məmur sənədlərə baxıb deyir ki, bir yerdə sən düzgün məlumat verməyibsən, 2 il səni biz ünvanlı sosial yardımdan məhrum edirik. Yəni bu sahədə heç maarifləndirmə işi də lazımi səviyyədə deyil. Bəlkə bu müddəti biz 6 ay eləyək, 4 ay eləyək. Axı, ehtiyac içində yaşayan insana necə demək olar ki, sən burada bu məlumatı bir az belə verməyibsən, ona görə səni 2 il ünvanlı sosial yardımdan məhrum edirik.
Bundan başqa, neçə dəfə burada dedik ki, 6 ay müddətini bir ilədək artırmağımız daha yaxşı olardı. İnsan nə qədər sənəd toplayır, gəlir bu ünvanlı sosial yardımı verən idarəyə, bir az keçir, məlum olur ki, təzədən bir də keçməlidir eyni sistemi.
Burada bir cəhət də var. Deyək ki, böyük, çoxuşaqlı bir ailəyə ünvanlı sosial yardım verilir. Bu ailədə əlil var. Deyir, əlilin aldığı pensiya da bu pulun içində hesablanacaq. Bu əlilə dövlət bu pulu verir ki, o, həyatını düzəltsin, bir dərmanını alsın. Əlilə verilən pulu da bu ünvanlı sosial yardımın verilməsi üçün həddin içinə salmağımız da yerlərdə çox böyük narahatlıq yaradır. Cənab Prezident bildirmişdir ki, ünvanlı sosial yardımın verilməsində əsas məqsəd ondan ibarətdir ki, biz kasıb təbəqələrin, buna ehtiyacı olan təbəqələrin həyat şəraitini düzəldək. Amma biz bu qanunda bu qədər əngəllər qoymuşuq. Bunda da hər hansı bir dəyişiklik hələ də gündəliyə çıxmır.
Bundan başqa, mən Ermənistanla sərhədyanı rayondan millət vəkiliyəm. 73 kilometr sərhədi var. Sərhəd kəndinə avtobuslar işləmir. Bir kasıb insan gəlir, ünvanlı sosial yardım almaq istəyir. Ona deyirlər, səni Məşğulluq Mərkəzindən 50 kilometr aralıda süpürgəçi vəzifəsinə göndəririk. Bu deyir, axı, mən nə ilə gəlib gedəcəyəm o süpürgəçiliyə, heç mənim aldığım maaş o getdiyim yolun yarısını ödəyə bilməz. Deyirlər, o zaman sənə yardım düşmür. Ona görə soruşuram, bu ünvanlı sosial yardım haqqında qanuna dəyişikliklər olacaqmı? Olacaqsa, bunu çox tezliklə gündəliyə gətirək ki, insanların problemləri aradan qalxsın.
Bir xahişim da var, Oqtay müəllim. Ölkədə ürək qüsurları ilə doğulan uşaqların və ürək qüsurlarından əziyyət çəkənlərin sayı artıb. Əməliyyatın qiyməti 5 min dollardır. Mən Mərkəzi Klinik Xəstəxanaya və Neftçilər Xəstəxanasına məktub yazmışam. İkisindən də cavab gəlib ki, Qənirə xanım, heç bir güzəşt mümkün deyil...
Sədrlik edən. Qənirə xanım, bu məsələləri Siz ayrıca yazıb təqdim edə bilərdiniz. Hadi Rəcəbli komissiya sədridir. Bir yerdə işləyirsiniz. Məsələyə birlikdə baxın. Biz dedik, gündəlik ətrafında danışın. Yenə eyni məsələləri qaldırırsınız. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Bizə elan olunmuş gündəliyə əsasən ayın 16-da hökumətin hesabatı dinləniləcəkdir. O hesabatın yazılı mətni bizə paylandı. Amma hesab edirəm ki, ayın 16-na qədər biz Milli Məclisin xüsusi bir iclasında əhalinin enerji təchizatı ilə bağlı məsələləri xüsusi olaraq müzakirə etməliyik ki, bu hesabatın daha dolğun və ətraflı təhlili mümkün olsun. Çünki əvvəlcədən də bir sıra mütəxəssislərin və bir sıra millət vəkillərinin qeyd elədiyi kimi, burada olduqca acınacaqlı vəziyyət yaranıbdır.
Tarif Şurası enerji daşıyıcılarının qiymətini qaldırarkən hökumətin üzvləri belə bəyan eləmişdilər ki, məqsəd əhalinin enerji təchizatının həm keyfiyyət, həm də kəmiyyətcə yaxşılaşdırılmasından ibarətdir. Konkret olaraq mənim seçicilərimin və 150 minə qədər əhalinin yaşadığı Sabirabad rayonunda həm keyfiyyət, həm də kəmiyyət olduqca pisləşmişdir. Məndə olan sənədlərə görə, rayon əhalisi 8 saat enerji ilə təchiz olunur. Halbuki real olaraq 4-6 saat enerji verilir və bu enerjinin də haqqının ödənilməsi ilə bağlı yaranmış vəziyyət hər yerdə fevral ayından başlayaraq gərginləşibdir.
Mən diqqəti bir məsələyə cəlb etmək ictərdim. Gəncə Elektrik Şəbəkəsi sədrinin çap olunmuş intervüsünə görə, Gəncə şəhərində yanvar ayında işıq pulu cəmi 44 faiz toplanmışdırsa, fevral ayında bu, 30 faizə düşmüşdür. Yaxın aylarda bunun daha da aşağı düşməsinin gözlənilməsi barədə həmin məsul əməkdaşın proqnozu verilib. Bu hər yerdə belə davam eləməkdədir. O cümlədən bizim seçicilərimiz də belə bir çətinliklə üzləşməkdədirlər. Təsadüfi deyil ki, artıq bu aydan başlayaraq bu sahədə kriminal xarakterli hadisələr haqqında məlumat eşidirik. Siyəzən rayonunda ölüm hadisəsi olmuşdur. Guya Sabirabad rayonunda işıq pulu yığan məmurlarla insident zamanı adam bıçaqlanmışdır və sair. Biz başqa rayonlarda da belə hallar barədə məlumat alırıq.
Qabaqdan Novruz bayramı gəlir. Biz işığın kəsilməsi halları barədə məlumat alırıq. Ona görə də hökumətin hesabatına qədər ciddi bir dinləmənin, müzakirənin aparılmasına ehtiyac var. Mən bunu təklif edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də məndən əvvəl çıxış eləyən həmkarım Pənah Hüseynin qaldırdığı məsələyə dair fikrimi bildirib qeyd etmək istəyirəm ki, işıq pullarının yığılması ilə bağlı həddən artıq gərginlik yaranıb. Hesab edirəm, bu məsələyə bu və ya digər şəkildə aydınlıq gətirmək lazımdır. Bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənə bilməz. Tutaq ki, işıq pullarının yığılması ilə bağlı əsasnamə yazılıb və o əsasnaməyə uyğun olaraq hansısa tədbirlər görülə bilər. Bu, konkret olaraq istehsalçı ilə istehlakçı arasında bağlanan müqavilə ilə tənzimlənməlidir. Hökumət də ciddi tədbirlər görüb, heç olmasa, büdcəyə gedən pulun miqdarını hesablamalı, məsələn, büdcə kəsirinin yaranmaması üçün bu sahədə müvafiq addımlar atılması barədə düşünməlidir.
Tutaq ki, qiyməti qaldırdıq, elədik lap 500 manat, əgər elektrik enerjisinin satışından gələn pul istehsal olunan məhsulun ümumi dəyərini ödəyə bilmirsə, əhali bu pulları verə bilmirsə, qiyməti artırmağın nə mənası var? İllər uzunu bu işıq pulunu bir nəfərin üzərinə yazsan və bunu saxlasan da mənası yoxdur. Təbii ki, uzun müddət işığın kəsilməsi etiraz yaradacaq, ciddi problemlər yaradacaq, qarşıdurmalara gətirib çıxaracaq. Ona görə hesab edirəm, bu məsələnin həllinin optimal variantı qiymətlərin orta həddə endirilməsidir. Qiymətlər endirilməlidir ki, əhali bu qədər əziyyət çəkməsin.
Mənim qaldıracağım ikinci məsələ Amnistiya haqqında qərarın burada müzakirə olunmasıdır. Mən bundan əvvəlki sessiyalarda demişdim, Azərbaycanın dövlət müstəqilliyinin 15-ci ildönümü ərəfəsində də demişdim ki, bunu müzakirə eləyək. Həbsxanalarda təsadüfi cinayətdən, təsadüfi bir hadisədən əziyyət çəkən, ömürlük həbs cəzasına məhkum olunmuş, artıq 70-dən yuxarı yaşı olan xəstə, ağır, bəzən hətta ölümcül vəziyyətdə olan insanlar var. Bu insanların hamısını nəzərə almaq və Amnistiya haqqında qərar qəbul edib onu bu insanlara şamil etmək lazımdır. Ən azı ömürlük həbs cəzasına məhkum olunmuşların 70 yaşından yuxarı olan hissəsini həbsdən azad etməklə, digərlərinin cəza müddətini 10 ilə, 15 ilə...
Sədrlik edən. 3 dəqiqə keçdi, İqbal müəllim. Həm Pənah Hüseyn, həm də Siz enerjinin qiymətləri barədə məsələ qaldırdınız. Bunu müzakirə eləmişik. Hökumətin hesabatı olacaq, onda da müzakirə edəcəyik. Sizin təklifinizdən belə çıxır ki, işıq pulunu ödəmək lazım deyil? Onun üzərində çalışırlar. Aydındır ki, qiymətlər qalxanda ödəniş istər-istəməz aşağı düşür. Ancaq bunlar hamısı yavaş-yavaş qaydasına düşəcək. Amnistiya barədə verdiyiniz təklifə gəlincə, mən keçən dəfə də dedim ki, artıq belə təkliflər verilib. O məsələ üzərində işlənilir. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, mənim gündəliyə əlavəm yoxdur. Ancaq bir məsələyə, son zamanlar “Реальный Ðзербайджан” qəzeti ilə bağlı baş verən hadisələrə toxunmaq istəyirəm. Parlamentdə Xocalı soyqırımı ilə bağlı dinləmələrin getdiyi bir vaxtda bu zalda həmin qəzetin nə üçün paylandığını mən başa düşə bilmirəm. Dünyada tamamilə başqa proseslərin getdiyi bir vaxtda, bizdə düşmən ölkənin təbliğatının daha güclü, daha effektli formada aparıldığı bir zamanda köhnə ənənələrdən əl çəkməməyimiz, başımıza gələn məsələlərdə özümüzü günahkar saymağımız, həm də buna parlamentin iclas zalında rəvac verməyimiz məndə acı təəssüf hissi doğurur.
Nə baş verir? Birincisi, Milli Məclisin Aparatı tərəfindən paylanan nəşr dövlət qəzeti deyildir. İkincisi, sonradan məlum olur ki, bu qəzetdə yazılanların hamısı quramadır. Xocalı soyqırımının müzakirə edildiyi iclasda guya bu hadisələri azərbaycanlıların törətməsi haqqında cəfəng fikirlər yazmış bir qəzet parlament Aparatının işçiləri tərəfindən deputatlara paylanılır və bununla da deputatların fikri əsas hədəfdən yayındırılır. Küçədə isə bu qəzetlə bağlı aksiya keçirilir, bir qrup öyrədilmiş adam bu qəzetin redaksiyasını yumurta atəşinə tutur. Bu hadisələrə necə qiymət vermək olar? Əgər kiminsə bu qəzetlə problemi varsa, bunu qanuni yolla, məhkəmə yolu ilə həll edə bilər. Başqa cür düşünən, başqa cür yazan insanlara qarşı mübarizə üçün millətin ümumi dərdindən bir vasitə kimi istifadə edilməsi bizə millət olaraq heç vaxt başucalığı gətirməyəcəkdir.
Mən baş verən hadisələri azad mətbuata qarşı təzyiq kimi qiymətləndirir və cənab Sədr, Sizdən xahiş edirəm ki, bizə utanc gətirən belə hadisələrin qarşısının alınması üçün öz səlahiyyətiniz çərçivəsində tədbirlər görəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəla, ola bilər ki, 8 Marta qədər xanımlarımızı görə bilməyək. Mən həmkarlarım adından buradakı xanımları və onların simasında bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, onlara uzun ömür, can sağlığı arzu edirəm!
Bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycan dövləti öz müstəqilliyini elan etdikdən sonra qonşu dövlətlərlə, o cümlədən Gürcüstan dövləti ilə həmişə tarazlaşdırılmış siyasət aparıb. Gürcüstan dövlətinin ağır vaxtlarında Azərbaycan dövləti həmişə onun yanında olub, ona kömək edib. Gürcüstanın elektrik enerjisi ilə təminatında, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tariflərində ona güzəştə gedilməsində, o cümlədən qazla əlaqədar məsələlərdə və son zamanlar Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilməsinə kreditin ayrılmasında Azərbaycan dövlətinin əsas məqsədi orada yaşayan soydaşlarımızın vəziyyətini yaxşılaşdırmaq, yəni onu diqqətdə saxlamaqdan ibarət olmuşdur. Amma çox təəssüflər olsun ki, son zamanlar, xüsusilə də son illər soydaşlarımıza qarşı Gürcüstan dövlətində, demək olar ki, düzgün olmayan bir siyasət aparılmışdır və hazırda da oradan azərbaycanlıların köçməsi prosesi davam edir. Bir vaxtlar torpaqla əlaqədar yaranmış ciddi mübahisələr bu gün də davam edir. Hazırda gürcü dilini bilməyən məktəb direktorlarının vəzifədən kənarlaşdırılması bir daha onu göstərir ki, soydaşlarımıza qarşı Gürcüstan dövləti tərəfindən bizi razı salmayan siyasət aparılır.
Mən belə hesab edirəm ki, Azərbaycan dövləti Gürcüstan dövlətinə belə böyük yardımlar edirsə, o dövlət də başa düşməlidir ki, burada əsas məqsəd oradakı soydaşlarımızı qorumaq, yəni onların yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. Mən hesab edirəm ki, Azərbaycan artıq Gürcüstan dövlətinə bu məsələlərlə əlaqədar öz etirazını bildirməlidir. Xarici İşlər Nazirliyi tərəfindən Gürcüstan dövlətinə nota verilməli və ya Gürcüstan səfiri çağırılıb, bu məsələlərlə bağlı ona ciddi iradlar bildirilməlidir ki, Gürcüstan vətəndaşları olan soydaşlarımız orada əziyyət çəkməsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Müzakirələri sona çatdıraq, artıq yarım saatdır müzakirə eləyirik. Gündəlikdəki məsələlərin müzakirəsinə başlayırıq. Gündəliyin birinci məsələsi. Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi, hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Russneft Abşeron İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarımız, xanımlar və cənablar! Sizin müzakirənizə və səmərəli müzakirələrdən sonra təsdiqinizə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Russneft Abşeron İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında bağlanmış Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş təqdim edilmişdir. Müvafiq komissiyanın sədri olaraq mənim bugünkü məqsədim sazişin tərəfləri haqqında, sazişin əhatə etdiyi neft yataqları haqqında və sazişin hüquqi, maliyyə və sair şərtləri haqqında sizlərə məlumat verərək, sonda sizləri bu sazişin və müvafiq qanunun lehinə səs verməyə çağırmaqdır. Ümidvaram ki, yekunda bu saziş və müvafiq qanun qəbul ediləcək və bununla da Zığ və Hövsan yataqlarının daha səmərəli və ölkəmiz üçün daha əlverişli işlənməsi üçün lazımi şərait yaradılacaqdır.
Sazişin tərəfləri hökumət təşkilatı qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, sazişin podratçı tərəfləri qismində iki şirkət – Rusiyanın açıq səhmdar cəmiyyəti statusunda olan Russneft Neft-Qaz Şirkətinin törəmə Russneft Abşeron İnvestments Limited Şirkəti, bir də ARDNŞ-nin Ortaq Neft Şirkətidir. Saziş 2006-cı il noyabrın 3-də Bakı şəhərində imzalanmışdır və bundan sonra müvafiq prosedurlardan keçərək, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 fevral tarixli məktubu ilə təsdiq olunmaq üçün Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Əlbəttə, Saziş gərgin və davamlı danışıqlar nəticəsində yaranmışdır. Bu danışıqların birinci mərhələsinin nəticəsində 2006-cı il iyulun 31-də tərəflər arasında bu sazişin əsasını təşkil edən Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi, hasilatın pay bölgüsü haqqında Sazişin əsas prinsiplərinə, müddəalarına, şərtlərinə dair müqavilə razılaşdırılmış və imzalanmışdır. Bu müqavilə müvafiq hökumət qurumları tərəfindən baxılıb bəyənildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 14 sentyabr tarixli 1670 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinə hökumət təşkilatı qismində bu sazişin hazırlanması, imzalanması və həmçinin tərəf müqabili olaraq Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir.
Sazişin əsas müddəa və şərtlərinin şərhinə keçməzdən əvvəl podratçı tərəflərdən biri olan Russneft Abşeron İnvestments Limited Şirkətinin ana şirkəti olan Russneft Neft-Qaz Şirkəti haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab edirəm. Russneft şirkətinin tərkibinə 30 neft-qazçıxarma müəssisəsi, 3 neft emalı zavodu və başqa müəssisələr, təşkilatlar, aktivlər daxildir. Şirkətin balansında 630 milyon tondan artıq çıxarıla bilən neft ehtiyatları var. 2004-cü ildə şirkət 10 milyon ton neft hasil etmişdir. Bu gün neft hasilatının səviyyəsi illik 17,5 milyon tondan artıqdır. Şirkətin 20 minə yaxın işçisi var. Bu məlumatı ona görə verirəm ki, sonra buna aid suallar yaranmasın.
Bildiyiniz kimi, Saziş 32 maddədən, 9 əlavədən və ARDNŞ-nin Ortaq Neft Şirkətinin yaradılmasına dair qoşmadan ibarətdir. Sazişin bağlandığı tarix üçün iştirak paylarının faizləri aşağıdakı kimidir. Podratçı tərəflər olan ARDNŞ-nin Ortaq Neft Şirkəti 25 faiz, Russneft Abşeron İnvestments Limited Şirkəti 75 faiz. Cəmi 100 faiz. Nəzərinizə çatdırıram ki, 25 faiz Azərbaycan hökumətinə yox, ARDNŞ-nin podratçı qismində çıxış eləyən Ortaq Neft Şirkətinə məxsusdur. Yəni öhdəliklər, sərmayələr, məsuliyyətlər iki podratçı tərəf arasında 75-25 faiz olaraq bölünür. Hər bir podratçı tərəfin bu saziş üzrə hüquqları, öhdəlikləri və bu sazişin başlandığı tarix üçün iştirak paylarının yuxarıda göstərilmiş müvafiq faizləri təsbit edilir. Tərəflər razılığa gəlmişlər ki, qüvvəyə minmə tarixindən başlayaraq bu saziş Dövlət Neft Şirkəti ilə podratçı tərəf arasında kontrakt sahəsinə dair vahid və tam razılaşmadır. Bu sazişin şərtlərinə əsasən podratçı neft-qaz əməliyyatlarını beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli aparmağı öhdəsinə götürür.
Hüquqların verilməsi və sazişin əhatə dairəsi. Bu sazişin şərtlərinə uyğun olaraq və onun qüvvədə olduğu müddət ərzində podratçıya kontrakt sahəsinin hüdudları daxilində həmin sahə ilə bağlı neft-qaz əməliyyatları aparmaq üçün vahid və müstəsna hüquq verir. Bu saziş tərəflərə neft-qaz əməliyyatlarından başqa hər hansı digər fəaliyyət növü ilə məşğul olmaq hüququ vermir.
Kontrakt sahəsində kommersiya hasilatı başa çatdıqdan sonra neft-qaz əməliyyatları nəticəsində əldə edilən hasilatın həcmi bu sazişin qüvvədə olduğu müddət, o cümlədən müvafiq maddədə nəzərdə tutulan uzadılmış müddət sona çatdıqda podratçının əsaslı məsrəfləri və əməliyyat məsrəflərinin tam ödənilməsi üçün kifayət etmirsə, bu sazişin şərtlərinə uyğun olaraq podratçı əvəzi ödənilməmiş məsrəflərin ödənilməsi və ya kompensasiya olunması hüququna malik deyildir. Bu sazişdə Azərbaycan tərəfinin, o cümlədən hökumətinin belə bir öhdəliyi yoxdur.
Kontrakt sahəsi və geoloji məlumat. Bu sazişin məqsədləri baxımından kontrakt sahəsi dedikdə bu sazişə ikinci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, Dövlət Neft Şirkətinin balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, qüvvəyə minmə tarixinədək ARDNŞ-nin kəşf etdiyi karbohidrogen ehtiyatları, həmçinin bu sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə bilən bütün karbohidrogen ehtiyatları başa düşülür. Kontrakt sahəsinin səthinin ümumi sahəsi təxminən 64,81 kvadrat-kilometrdir.
Hövsan və Zığ yataqları Bakı şəhərindən şərqə doğru Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Hazırda Zığ və Hövsan yataqları Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin Qum adası Neft-Qazçıxarma İdarəsi tərəfindən istismar olunur. Zığ yatağı 1935-ci ildən istismara verilmişdir. Hövsan yatağı 1948-ci ildən istismardadır. Əsas məhsuldar layların yatma dərinliyi Zığ yatağında 100-2600 metr, Hövsan yatağında 3500-4300 metr dərinliyindədir. Bu günə olan istismar fondu Zığ yatağında 9 və Hövsan yatağında 17 quyudan ibarətdir. Çıxarıla bilən qalıq neft ehtiyatları Zığ yatağında 8 milyon, Hövsan yatağında 5 milyon tondur. 2006-cı il ərzində Zığ yatağında hasilat 8,9 min ton, Hövsan yatağında isə 130,7 min ton olmuşdur. Son 6 ildə hasilat, demək olar ki, bu civarda olub.
Neft-qaz əməliyyatları zamanı yeni yataq kəşf olunarsa və yatağın geoloji strukturunun hüquqi sərhədinin kontrakt sahəsi hüdudlarından kənara çıxması müəyyən olunarsa, podratçıya əlavə sahələrin verilməsi Dövlət Neft Şirkətinin hüququdur və belə əlavə sahələr təqdim edildiyi halda kontrakt sahəsinə aid ediləcəkdir.
Xarici podratçı tərəflər bu Sazişin qüvvəyə minmə tarixindən etibarən dörd ardıcıl təqvim rübünün hər birində ARDNŞ-nin Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi üçün ayrılmış karbohidrogenlərin belə dörd ardıcıl təqvim rübündə Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi üçün tələb olunan pul məbləğindən artıq olduğu ana qədər Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin maliyyələşdirilməsini öhdələrinə götürürlər. Müəyyən edilmiş həmin andan etibarən digər podratçı tərəflər Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi üçün heç bir məsuliyyət daşımırlar. Çox vacib bir məqamdır. Bu da Dövlət Neft Şirkətinin və onun Ortaq Neft Şirkətinin risklərinin qat-qat azalmasını təmin edir.
Maliyyələşdirmənin əvəzi. Müvafiq kontrakt sahəsi üzrə Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi üçün karbohidrogenlər həmçinin 100 faizdən ödənilir. Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin ödənilməmiş balansının əvəzini öz mənfəət karbohidrogenləri payı hesabına tamamilə və ya qismən ödəmək hüququ vardır. Ortaq Neft Şirkətinin bu sazişdəki iştirak payını 25 faizdən çox artırması digər podratçı tərəflərin Ortaq Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi barədə öhdəliklərini heç bir vəcdlə artıra bilməz.
Bərpa və hasilat proqramı. Qüvvəyə minmə tarixindən sonra 90 gündən gec olmayaraq podratçı podrat sahəsinin bərpası və hasilat planının layihəsini hazırlayır və Dövlət Neft Şirkətinin təsdiqinə təqdim edir. Bu planda podratçının bərpa və hasilat proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiqindən 2 il keçdikdən sonra 90 ardıcıl gün ərzində kontrakt sahəsindən xam neft hasilatını 2005-ci ilin xam neft hasilatının orta sutkalıq səviyyəsini ən azı 1,5 dəfə ötən orta gündəlik səviyyəsinə çatdırmaq öhdəliyi nəzərdə tutulmalıdır. Bu şərt də podratçı tərəfi lazımi qədər stimullaşdırmaq və qısa bir zamanda neft hasilatını lazımi səviyyəyə qaldırmaq üçün mütləq şərtdir. Bərpa və hasilat proqramının alındığı tarixdən sonra 60 gün ərzində Dövlət Neft Şirkəti onu təsdiq və ya rədd etməlidir. Bu müddət ərzində Dövlət Neft Şirkəti yazılı şəkildə podratçıdan bu proqramda hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, bərpa və hasilat proqramı Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş sayılır. Fors-major halları istisna olmaqla podratçı bərpa və hasilat proqramını Dövlət Neft Şirkətinə vaxtında təqdim etməzsə və ya bərpa və hasilat proqramına uyğun olaraq göstərilən müddət və həcmlərdə xam neftin orta gündəlik səviyyəsinə nail olmazsa, Dövlət Neft Şirkəti bu sazişin qüvvəsinə xitam vermək hüququna malikdir və qüvvəyə minmə tarixindən etibarən podratçının çəkdiyi və bu sazişin xitam tarixinədək əvəzi ödənilməmiş bütün məsrəflərin əvəzi ödənilmir.
İşlənmə və hasilat dövrü bərpa və hasilat proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiqi tarixindən başlayır və bu tarixdən 25 il ərzində davam edilir. Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunarsa, bu 25 illik müddət başa çatdıqdan sonra podratçının istəyi ilə işlənmə və hasilat dövrü əlavə 5 il uzadıla bilər.
Başqa kontraktlarda olduğu kimi, bu kontraktda da layihəni idarə etmək üçün müvafiq rəhbər komitənin yaradılması nəzərdə tutulub. Bu rəhbər komitənin tərkibi və səlahiyyətləri təyin olunubdur. Kontraktda bunu, yəqin ki, oxumusunuz. Ona görə bu məsələyə toxunmaq istəmirəm.
Podratçı tərəflərin öhdəliklərini icra etmək üçün zərər vermədən və ya mənfəət qazanmadan işləyən əməliyyat şirkəti yaradılır və bu əməliyyat şirkətində tərəflər müvafiq şəkildə təmsil olunur. Əməliyyat şirkəti bütün işləri neft-qaz sənayesində mövcud olan ən yüksək standartlara uyğun həyata keçirməlidir və bunun üçün məsuliyyət daşıyır. Sazişin qüvvəyə minmə tarixindən bu əməliyyat şirkətində Azərbaycan personalı – texniki işçilər ən azı 70 faiz, fəhlə heyəti ən azı 90 faiz, qüvvəyə minmə tarixindən 5 il sonra isə mühəndis-texniki işçilər ən azı 90 faiz, fəhlə heyəti ən azı 95 faiz təşkil etməlidir.
Podratçı Dövlət Neft Şirkətinin struktur bölməsi olan neft-qazçıxarma idarəsinin Zığ və Hövsan yataqlarındakı istehsal əməliyyatlarında bilavasitə istifadə olunan və qüvvəyə minmə tarixindən sonra Zığ və Hövsan yataqlarının podratçıya verilməsi nəticəsində işdən azad edilmiş işçi heyətini əməliyyat şirkətində işlə təmin etməyi öhdəsinə götürür. Bu cür işlə təminetmə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Podratçı neft-qaz əməliyyatları ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarına peşə öyrədilməsini, o cümlədən kadrlara təkrar peşə təlimini təmin edir. Bu məqsədlə çəkilən xərclərin ildə 150 min dollara qədərinin əvəzi ödənilmir. Əgər bundan artıq sərmayə qoyulsa, onda onun əvəzi ödənilir.
Məsrəflərin əvəzinin ödənilməsi prinsipcə bundan əvvəl təsdiq elədiyimiz kontraktlara uyğun olaraq təmin edilir. Birinci növbədə bütün əməliyyat məsrəflərinin əvəzi ödənilir. Podratçının əməliyyat məsrəflərinin əvəzinin ödənilməsi üçün lazım olan xam neft və sərbəst təbii qaz çıxarıldıqdan sonra isə onun hasilat həcmində qalan xam neftin 50 faizindən və sərbəst təbii qazın 50 faizindən çox olmayan həcmindən bütün əsaslı məsrəflərin əvəzi ödənilir.
Məsrəflərin əvəzinin ödənilməsinin hesablanması təqvim rübləri üzrə aparılır. Müvafiq təqvim rübü üzrə maliyyələşdirmə məsrəfləri həmin təqvim rübünün axırında neft-qaz əməliyyatlarının ödənilməmiş saldosunun orta rüblük liqor üstəgəl 2 faiz məbləğinin dörddə birinə bərabər faiz dərəcəsi ilə hasil deməkdir. Yuxarıda deyilənlərdən asılı olmayaraq, ardıcıl 90 gün ərzində kontrakt sahəsindən xam neftin gündəlik hasilatının orta səviyyəsinin 2005-ci il üçün xam neftin gündəlik hasilatının orta səviyyəsini 1,5 dəfədən az olmayaraq ötdüyü təqvim rübündən sonra gələn təqvim rübü başlananadək hər hansı əvəzi ödənilməmiş əsaslı məsrəflərə maliyyələşdirmə məsrəfləri əlavə olunmur.
Podratçının neft-qaz əməliyyatları nəticəsində çəkdiyi və əvəzi ödənilməli olan, lakin əvvəlki təqvim rübündə əvəzi ödənilməmiş məsrəflərini sonrakı təqvim rüblərinə keçirmək hüququ daim təmin edilir. Əsaslı məsrəflərin əvəzinin ödənilməsi üçün olan və istifadə edilməmiş karbohidrogenlərə əlavə mənfəət karbohidrogenləri kimi baxılır və ümumi mexanizmlə ARDNŞ ilə podratçı arasında bölüşdürülür.
Mənfəət karbohidrogenlərinin bölüşdürülməsi. Mənfəət karbohidrogenləri kontraktda verilmiş cədvələ uyğun olaraq bölüşdürülür. “R” əmsalı 1,25-ə çatana qədər dövləti təmsil edən ARDNŞ-nin payına 40 faiz, podratçıların payına 60 faiz düşür. Bu 60 faizin də dörddə birinin ARDNŞ-nin Ortaq Neft Şirkətinin hissəsinə düşdüyünü nəzərə alsaq, deməli, Dövlət Neft Şirkəti və onun Ortaq Neft Şirkətinin payına birinci mərhələdə 55, başqa podratçıya 45 faiz mənfəət nefti və təbii sərbəst qaz düşür. Məsrəflərin əvəzi ödənildikcə, cədvəldə gördüyünüz kimi, dövlətin payı artır və nəticədə 90 faizə gəlib çıxır. Podratçının payı azalır və nəticədə 10 faizə gəlib çıxır. “R” əmsalının hesablanması və qiymətləndirilməsi kontraktda geniş şəkildə göstərilibdir.
Yerli bazar nefti. Podratçı hər il rüblük cədvələ əsasən tərəflərin illik iş proqramı və büdcənin təsdiqi ilə eyni vaxtda təsdiq edəcəkləri xam neft həcmini, yəni yerli bazar neftini Dövlət Neft Şirkətinə satmağa borcludur; bir şərtlə ki, aşağıda göstərilən qayda əsasında hesablanan ilk cədvəl qüvvəyə minmə tarixindən 60 gün müddətində tərəflər arasında razılaşdırılmalıdır:
Birinci il 55 min ton, ikinci il 50 min ton, üçüncü il 45 min ton, dördüncü il 40 min ton. Bu yerli bazar nefti, əlbəttə, daxili qiymətlə satılacaqdır. Çatdırılma məntəqəsi, vergi qoyulması və sair kontraktda göstərilibdir.
Bonus ödənişi. Podratçı Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti istisna olmaqla qüvvəyə minmə tarixindən sonra 30 gün müddətində Dövlət Neft Şirkətinə 2 milyon ABŞ dolları məbləğində bonus ödəyir. Hasilat 2005-ci il səviyyəsindən 1,5 dəfə artandan sonra əlavə 2 milyon ABŞ dolları bonus ödənilir. Bonus ödənişinin əvəzi heç bir halda podratçıya ödənilmir.
Başqa sazişlərdə olduğu kimi, burada da digər müddəalar, o cümlədən fors-major halları var. Burada bütün məsələlər öz əksini tapıbdır.
Komissiyamızın fikricə, mənim şəxsi fikrimcə, bu kontrakt dövlətimiz, millətimiz üçün əlverişli bir kontraktdır və təsdiq oluna bilər. Bu, neft yataqlarının işlənilməsində yeni mərhələ açan və dövlət üçün çox əlverişli şərtlər ilə hazırlanmış bir sazişdir. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınıza cavab verməyə hazıram.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Əyləşin, xahiş edirəm. Suallardan başlayaq, ya çıxışlardan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, suallarınızı verin, çıxış etməyin. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Mənim iki sualım var. Birincisi, ARDNŞ-nin Ortaq Neft Şirkətinin yaradılmasında məqsəd nədən ibarətdir? Nəyə görə ortaq şirkət yaradılır, birbaşa ARDNŞ ilə müqavilə bağlanmır? İkinci sualım. Aldığımız məlumatlara görə, Russneft o qədər də güclü şirkət deyil və bu şirkət ilə əlaqədar Rusiya mətbuatında bir sıra xoşagəlməz məqalələr çap olunur, onun vergidən yayındığı və bəzi cinayət işlərində əli olduğu bildirilir. Bu barədə Valeh müəllimdə müəyyən məlumat varsa, xahiş edirik ki, bizə məlumat versin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun, hörmətli Sədr. Mənim sualım Vahid müəllimin verdiyi sualın davamı kimidir. Bildiyimə görə, hələ 1997-98-ci illərdə rəsmi dövlət qəzetlərində Zığ və Hövsan yataqlarının milli ehtiyat kimi saxlanılması barədə qərar var idi. Bilmək istəyirəm, indi nə dəyişdi ki, birdən- birə Zığ və Hövsan yataqlarının Russneft kimi çox da məşhur olmayan bir şirkətə istifadəyə verilməsi qərara alındı? Üstəlik, Rusiyanın Azərbaycana enerji daşıyıcıları ilə bağlı münasibəti də bəllidir. Niyə məhz o şirkətə? Çünki bundan əvvəl belə bir müqavilə LUKoylla bağlanmışdı. LUKoyl şirkəti öz payını satdı və bir milyard gəlir əldə elədi. Bu da həmin işin davamı olmayacaq ki? Sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, suallara sonra cavab verərsiniz. İndi müzakirələrə başlayaq. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar və media nümayəndələri! Bəri başdan deyim ki, mən bu kontraktın təsdiq olunmasının tərəfdarıyam. Nəyə görə? Valeh müəllimin məruzəsindən məlum oldu ki, bu mədənlərdən biri 1933-cü ildən, o biri 1948-ci ildən istismara verilib və burada neft çox dərinlikdən, yəni 3500 metrlikdən çıxarılır. Çox çətin geoloji şəraiti var. Əslində, belə mədənlərə investisiya qoymaq iqtisadi baxımdan çox risklidir. Amerika Birləşmiş Ştatları kimi super dövlətdə bu xarakterli mədənlərin, ümumiyyətlə, aksiyalarını investisiya qoyanlara verirlər ki, təki işlədib ondan vergi versinlər. Burada isə aksiyaların 25 faizi bizdədir. Özü də 25 faizi bizdə olmaqla yanaşı, tam gəlir gələnə qədər 100 faiz xərci Russneft Şirkəti çəkməlidir.
Bundan əlavə, mənim diqqətimi cəlb eləyən bir şey var ki, o da investisiyanın 10-15 faizinin ekoloji məsələlərin həllinə ayrılmasıdır. Məlumdur ki, həmin mədənlərlə bağlı 2001-ci ildə Lukoyl şirkəti ilə müqavilə bağlanmışdı. Lakin Lukoyl şirkəti ekoloji problemlərin həllini öz üzərinə götürmədiyinə görə 2005-ci ilin dekabrında bu müqavilə ləğv olundu. Burada ekoloji məsələlərin həlli üçün, əməyin təhlükəsizliyini təmin etmək üçün 10-15 faiz vəsait qoyulması nəzərdə tutulur. Digər tərəfdən, o da müsbət haldır ki, burada azərbaycanlı işçilər çox işləyəcək. Valeh müəllim göstərdi ki, sazişə görə mühəndis-texniki işçilərin birinci beş ildə 70 faizi, fəhlələrin isə 90 faizi azərbaycanlı olmalıdır. Sonrakı illərdə müvafiq olaraq bu rəqəmlər 90-95 faizə qədər artmalıdır. Bu baxımdan hesab edirəm ki, bu kontrakt Azərbaycan üçün əlverişlidir. Bunu təsdiq eləmək olar.
Ancaq müəyyən arzularım da var. Məlumdur ki, ümumiyyətlə, kontrakt bağlayanda yeni texnologiyaların tətbiqinə az yer verir, rentabelliyini əsas etibarilə işçilərin ixtisara salınması yolu ilə qaldırırlar. Hesab edirəm, bu halın gələcəkdə baş verməməsi üçün bunu kontraktda nəzərə almaq lazımdır. Sənəddə azərbaycanlı fəhlə və qulluqçuların hüquqları aydın göstərilməlidir. Əgər kontraktda bu, mümkün deyilsə, onda əmək müqaviləsində bu, aydın göstərilməli və həmkarlar təşkilatı da bunu nəzarətdə saxlamalıdır.
Digər tərəfdən, mən elə sual da vermək istəyirdim. Vahid müəllimin dediyi narahatlıq məndə də var. Müəyyən mütəxəssislərlə məsləhətləşdik. Onlar hesab edirlər ki, kontraktın taleyinə bunun heç bir təsiri ola bilməz. Hər halda Valeh müəllim hamıdan yaxşı bilir, izah eləyə bilər. Mən “Kommersant” qəzetində bu şirkət haqqında bir məqalə oxumuşdum. Məqalədə deyilirdi ki, onun rəhbərini prokurorluğa çağırıb dindiriblər. Bu halın kontraktın gələcəyinə təsiri ola bilərmi? Yenə təkrar edirəm, mən hesab edirəm ki, bu kontrakt bizim dövlətimiz üçün xeyirlidir və mən onun təsdiqinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Zığ və Hövsan neft yataqları 1950-ci illərin əvvəllərinə qədər işlənmədə olan yataqlardır. Siz gözəl bilirsiniz ki, o illərdə yataqların istismarı nə qədər dəhşətli formada aparılmışdır və bunu da gözəl bilirsiniz ki, 64 kvadrat-kilometr sahənin çirklənməsi, havanın çirklənməsi nə deməkdir. Ona görə elə hesab edirəm ki, bu saziş üzərində işə Dövlət Neft Şirkətinin bütün mütəxəssisləri cəlb olunmuş və bu sənəddə istər texniki, istər texnoloji, istər metodoloji, istər ekoloji, istərsə də iqtisadi baxımdan bütün məqamlar nəzərə alınmışdır. Russnefti, ola bilsin, bəzi deputatlar yaxından tanımırlar. Mən Russnefti tanıyıram, orada güclü mütəxəssislərin olmasını da bilirəm. Bu gün Rusiya şirkətlərinin heç birində qüsur yoxdur. Vergi verməyən şirkətlər hamısı məhkəməyə cəlb olunub. Bu gün Rusiyada olan şirkətlər tam dolğun formada fəaliyyət göstərirlər. Dövlət Neft Şirkəti Russneft şirkəti ilə saziş bağlayan zaman bu məsələlər ətraflı müzakirə olunmuşdur.
Burada söhbət oldu ki, Lukoyl da bu yataqlar barədə bizimlə saziş imzalamışdı. Amma Lukoyl 100 milyon dollar məbləğində vəsaiti ayırıb Zığ, Hövsan yataqlarının yerləşdiyi böyük bir ərazini, o cümlədən dənizkənarı sahəni çirklənmədən təmizləməyi boynuna götürmədi. Amma Russneft bu məsələni həll etməyi üzərinə götürür. Sazişdə də bu, nəzərə alınıb.
Mən hesab edirəm ki, bu çox vacib sazişdir və Zığ, Hövsan yataqlarının istismarının ikinci mərhələsi üçün əlverişli şərait yaradır. Burada ekoloji baxımdan ciddi problemlərin həlli nəzərdə tutulmuşdur. Mən bütün deputatları bu sazişin təsdiq olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Verilən məlumata görə, hazırda Zığ, Hövsan bloku sutkada 290 ton neft istehsal eləyir və bu da ildə 50 min tona qədər neft deməkdir. Təxminən il yarıma da bunun 1,5-2 dəfə artırılması məsələsi gündəmə gəlir ki, bu da 100 min tondan yuxarı neft eləyir. Sazişin mətnindən də göründüyü kimi, Russneftin bura faktiki olaraq hansı investisiya qoyması məlum deyil. Çünki bu, xeyli dərəcədə hazırda çıxan neftin hesabına ödənilməyə başlayır. Maraqlı məsələdir ki, hətta ekoloji tədbirlər də əməliyyat xərclərinə aid edilib. Yəni Barmekdə olduğu kimi, heç bir investisiya qoymadan vətəndaşlardan toplanmış pulun hesabına guya investisiya qoyulur. Nəticəsini də gördük. İndi də hazırda hasil olunan neftin hesabına bura investisiya qoyulur və deyirik ki, ölkədən ölkəyə investisiya gəlir.
Mən məsələyə konseptual baxımdan qiymət vermək istəyirəm. Hesab edirəm ki, bu cür sazişlər mütləq Azərbaycanın enerji təhlükəsizliyi baxımından ekspertizadan keçirilməlidir. Biz Xəzər dənizinin mərkəzində yerləşən, böyük investisiyalar tələb edən, yeni texnologiya tələb edən yataqlarda neftin xarici şirkətlərlə saziş əsasında hasil olunmasını başa düşürük. Lakin Azərbaycanın təxminən 600 min hektarlıq mühüm quru ərazisində keçmiş SSRİ-də ən təcrübəli neftçilərin, neft mütəxəssislərinin mövcud olduğu və hazırda özünün investisiya imkanlarına görə Russneftdən heç də geri qalmayan Azərbaycan Dövlət Neft Şirkətinin olduğu bir şəraitdə Russneftin, yaxud başqa bir şirkətin buraya dəvət olunması, mənə elə gəlir ki, başa düşülən deyil.
Diqqətinizi bir məsələyə də cəlb eləyim. Hörmətli Arzu Səmədbəyli bu məsələyə toxundu. Bizdə olan məlumata görə, hələ 1990-cı illərdə qeyri-hökumət təşkilatlarının və mütəxəssislərinin müraciəti əsasında Heydər Əliyev quru yataqların milli ehtiyat kimi saxlanması haqqında tapşırıq vermişdi və bu barədə bir qərar vardı. Sonra birdən-birə 2001-ci ildə Lukoylla saziş imzalandı. Biz ona indi 26-cı saziş deyirik, amma əslində, 21-ci saziş idi. O sazişə görə bu yataqlara 250 milyon investisiya qoyulmalı idi və Azərbaycan Dövlət Neft Şirkətinin payı 50 faiz qiymətləndirilirdi. Amma indi 150 milyon investisiya qoyulması nəzərdə tutulur və xarici şirkətin payı 75 faizə qaldırılır.
Mənə elə gəlir ki, gələcəkdə, 20-25 ilə texnologiya inkişaf edəcək və belə yataqlardan neft çıxarılması üçün daha əlverişli imkan olacaqdır. Ona görə də bu cür, yəni qalıq nefti şəklində olan ehtiyatların milli ehtiyat kimi saxlanılması Azərbaycanın müstəqilliyinin, onun enerji təhlükəsizliyinin təmin olunması və bütövlükdə Azərbaycanın gələcək inkişaf strategiyası baxımından daha doğru olardı. Mən hansı şirkətin cəlb olunmasından asılı olmayaraq, Azərbaycanın artıq işlənmiş, kəşfiyyat işləri aparılmış quru yataqlarına dair bu cür sazişlərin bağlanmasının prinsipcə əleyhinəyəm.
Burada tez-tez Russneft şirkətinin böyük bir şirkət olması qeyd olunur. Amma mən 2006-cı ilin yayında mətbuatdan oxuyurdum ki, belə bir şirkət bizimlə danışıqlar aparır. O zaman bu şirkət Russneft Bakı İnvestments adlanırdı, bu sazişdə isə Russneft Abşeron İnvestments adı altında çıxış edir. Halbuki bu ad Rusiyada qeydiyyata alınmayıb. Sazişin mətnindən göründüyü kimi, bu, Britaniyanın Verciniya adalarında qeydiyyatdan keçmiş hansısa bir şirkətdir və onun vasitəsi ilə Azərbaycanla Rusiya arasında hansısa münasibətlərin yaxşılaşdırılması baxımından və ya geopolitik baxımdan az-çox ciddi dividendlər qazanacağımızı mən güman eləmirəm.
Burada diletant söhbətlər gedir ki, guya bu yataqlara xərcin qoyulması Azərbaycan üçün əlavə bir imkandır. Orada 2 milyon, 4 milyon bonusun adı çəkilir və bildirilir ki, ola bilsin, Lukoyl ilə bağlanmış həmin saziş də elə bir sıra kommersiya problemlərinə və ekoloji problemlərə görə pozulmuşdur. Mən xatırlayıram, mətbuatda bu barədə yazılmışdı.
Mən hesab eləmirəm ki, Russneft gəlib öz pulunu, vəsaitini Azərbaycana bəxşiş edəcək. Biz hamımız bilirik ki, xarici şirkətlər, xüsusən də bu cür təcrübəsi olan şirkətlər mənfəət olmayan yerdə və özü də ifrat mənfəət olmayan yerdə maliyyə qoymurlar. Hər halda daha çox gəlir imkanı olmasa, heç kəs dəli deyil ki, gəlib bu xərcləri qoysun. Dövlətə mənsub olan milli sərvətlərin daha çox dövlət adından çıxış eləyən şirkətlərin mənafeyinə bəxşiş edilməsi hallarına bütün dünyada rast gəlinir. Mən Dövlət Neft Şirkəti haqqında konkret ittiham irəli sürmək istəmirəm. Amma bizdə xarici şirkətlərə bəzən dövlətin malı və xalqın milli sərvətləri hesabına güzəştlər edilir.
Hörmətli deputatlar belə düşünməsinlər ki, biz burada Russneftin hesabına yeni bir maliyyə və investisiya mənbələri əldə eləmiş oluruq, ona görə bu sazişin Azərbaycana xeyri var. Mən hesab edirəm, bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli mənafelərinə konseptual cəhətdən zidd olan, ona cavab verməyən bir sazişdir, mütləq bunun əleyhinə səs vermək lazımdır və ümumiyyətlə, Azərbaycanın quru ərazisində, Azərbaycanın işlənmiş yataqları barədə bu cür sazişlərin bağlanmasına qadağan qoyulmalıdır.
Azərbaycan Dövlət Neft Şirkətinin hörmətli prezidenti də buradadır. Dünyanın ən təcrübəli neft mütəxəssislərinə malik olduğumuz bir şəraitdə onlar zəhmət çəksinlər, Azərbaycan neftini özləri çıxarsınlar və onun bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənafeyinə istismar olunmasına şərait yaratsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan artıq hasilatın pay bölgüsü üzrə 20-dən çox saziş bağlayıb. Onların bir hissəsi işləyir, bir hissəsi isə işləmə ərəfəsindədir. Bu da növbəti bir sazişdir. Ona görə, əlbəttə, bu müzakirədə bir məntiqi sual ortaya çıxmalıdır. Hasilatın pay bölgüsü modeli inkişaf etməkdə olan ölkələrə tətbiq olunan bir modeldir. Burada nəzarət zəif olan zaman həmin ölkələrin maraqları xeyli dərəcədə tapdalanır və beləliklə, bir sıra problemlər, xüsusən qrafiklərdə, pay bölgüsündə qeyri-dəqiqliyə yol verilməsi və investisiya qoyuluşlarının şişirdilməsi kimi problemlər meydana çıxır. Ona görə də ilk sual ondan ibarətdir ki, hasilatın pay bölgüsü üzrə bu qədər saziş bağlanandan sonra müzakirə olunan növbəti sazişin şərtləri əvvəlkilərlə müqayisədə nə qədər yaxşılaşıb.
Vacib hesab elədiyim ikinci məsələ ondan ibarətdir ki, Azərbaycanın neft strategiyasının təshih olunmasının zamanı gəlib çatıb. O da ondan ibarətdir ki, biz neft gəlirlərini hara qoymaq barədə düşünərkən çoxşaxəli baxışlar nümayiş etdiririk. Amma çox təəssüflər olsun ki, heç kim bir cümlə işlətmir ki, neftdən gələn gəlirin bir hissəsini elə neft sənayesinin inkişafına yönəltmək lazımdır. Bu boşluq bu cür sazişlərin sayının artmasına gətirib çıxaran amillərdən biridir və elə bunun nəticəsidir ki, bizim energetika balansımızda neft hasilatı tələbatımızdan qat-qat artıqdır. Amma qaz hasilatı tələbatımızdan az hasil olunur. Bu balansı normallaşdırmaqdan ötrü əldə elədiyimiz neft gəlirlərinin bir hissəsinin məhz neft sənayesinin inkişafına, yataqların yenidən işlənilməsinə, hasilatın artırılmasına qoyulmasını məqsədəuyğun hesab edirəm. Strategiyada belə bir dəyişikliyin olması çox vacibdir.
Növbəti məsələ. Dünya praktikasından məlumdur ki, hasilatın pay bölgüsü modelində bayaq sadaladığım məqamlar, kifayət qədər çatışmazlıqlar var. Azərbaycan nə vaxt ölkəmiz üçün daha məqbul modellərə keçəcək ki, neft sazişləri bağlanan zaman həmin yeni variantlardan da istifadə olunsun. Azərbaycan 20-dən artıq saziş bağlayıb. Birincidə müəyyən tender olub, qalanında tender olmayıb. İndi qaldırılan məsələlərin əksəriyyəti olmasın və bu sazişlər müxtəlif istiqamətlərdən hallanmasın deyə bizdə də başqa ölkələrdə olduğu kimi, neft müqavilələri bağlanan zaman tenderlərə keçilməsini məqsədəuyğun hesab edirəm. Hesab edirəm ki, növbəti sazişlərdə bunun həyata keçirilməsi çox vacibdir.
Növbəti məsələ ekologiya ilə bağlıdır. Lukoylla bağlanan sazişdə vəsaitin çox hissəsinin ekologiyaya yönəldilməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, sazişin əhatə dairəsində çox ciddi ekoloji problemlər var. Birdən-birə ekologiyaya ayrılan vəsait 100 milyon dollardan haradasa 10-15 milyon dollara enirsə, həmin vəsait hesabına orada olan ekoloji problemləri həll eləmək mümkün olacaqmı, yoxsa burada həmin problemlər qalmaqda davam edəcək?
Növbəti məsələ. Məncə, indi biz bu yataqların işlənilməsinin əvvəlki qrafiklərlə müqayisədə nə qədər mütərəqqi qrafiklə təmin olunması məsələsinə də daha çox diqqət yetirməliyik. İndi bu məsələ mühüm əhəmiyyət kəsb edir. Açığını deyim ki, bağladığımız müqavilələrin bir hissəsində o qrafiklər bizim böyük pullara ehtiyacımız olan dövrdə minimum pul gətirib. Bu tək bizə aid deyil. Qazaxıstanda da böyük neftdən gələn pulun hələlik ancaq 20 faizi Qazaxıstana çatır. Bizdə 13 faizi çatır. Bu qrafikin təzələnməsinə, təkmilləşdirilməsinə, Azərbaycanın xeyrinə dəyişdirilməsinə böyük ehtiyac var. Bu gün vəsaiti olduğuna görə Azərbaycan artıq diktə edən ölkədir. Ona görə də hesab edirəm ki, şərtlər maksimum təkmilləşdirilməlidir.
Çıxışımın əvvəlində səsləndirdiyim sualları bir də təkrar edirəm. Əgər biz 20-dən artıq saziş bağlamışıqsa, haqqında söhbət gedən sazişin əvvəlki sazişlərdən bütün parametrlər üzrə üstünlüyü, yaxşı cəhətləri nədən ibarətdir? Bu cür yataqların Azərbaycanın öz potensialı, öz mütəxəssisləri hesabına işlənilməsi məsələsinə necə baxırsınız? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən hesab edirəm ki, çıxışlarda bir çox suallar səsləndirildi. Valeh müəllim onları cavablandırsın. Sonra müzakirəni davam etdirək. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Əli müəllim, düz deyirsiniz, bu gün Azərbaycan elə inamlı vəziyyətdədir ki, saziş bağladığı şirkətlərə şərtləri özü diktə edə bilər və diktə qəbul etməməlidir. Bunu, yəqin ki, siz də, biz də başa düşürük. Yəqin ki, nə mən, nə Dövlət Neft Şirkətinin rəhbərliyi heç kimə imkan verməz ki, belə şeylərdə kimsə gəlib Azərbaycana nəyisə diktə eləsin. Ürəyinizi buz kimi saxlaya bilərsiniz.
Bəzi suallara cavab verməzdən öncə bir incikliyimi sizə çatdırım. Mən Dövlət Neft Şirkətində işləyərkən bu sazişlərlə bağlı hər zaman sizə deyirdim ki, gəlin Dövlət Neft Şirkətinə, sizi maraqlandıran, narahat eləyən sualları qabaqcadan verin, bir saat, bir gün, 5 həftə oturaq, müzakirə eləyək, cavab verə bilməsək, izah eləyə bilməsək, onda bu sualları iclasda verərsiniz, cavab verərik. Kontrakt təqdim olunan müddət ərzində mən düşünürdüm ki, ola bilər, suallar olsun, kimsə soruşsun, maraqlansın. Çox gözlədim, heç kim gəlmədi.
Suallara cavab verirəm. Russneft bu gün 170 yataqda işləyən, illik hasilatı 17,5 milyon tondan artıq olan, 30 neft-qazçıxarma müəssisəsinin, bir neçə yüz benzindoldurma stansiyasının, böyük terminalların sahibi olan bir şirkətdir. Ona tanınmamış, kiçik şirkət demək düzgün deyil. Dünyada ildə 17-20 milyon ton neft hasil edən, 630 milyon ton ehtiyatları olan şirkət bir o qədər çox deyil. Cinayət işinə gəlincə, mən bu gün dünyada elə bir neft şirkəti tanımıram ki, ona qarşı haradasa kimsə hər hansı bir cinayət işi qaldırmasın. Cinayət işi qaldırırlar, işi araşdırırlar, qurtarıb gedir. Russneftin Belarusda aktivləri var. İndi Belarus ilə kiminsə də münasibəti var, kim isə kimə isə xox gəlmək istəyir, Russneftin bununla nə əlaqəsi var? Əgər qəzetləri diqqətlə oxuyursunuzsa, yəqin ki, bu suala geniş cavab verilməsinə ehtiyac yoxdur.
Nəyə görə Dövlət Neft Şirkəti özü birbaşa bu sazişdə podratçı kimi iştirak eləmir və ortaq neft şirkəti yaradır? Ona görə ki, Dövlət Neft Şirkəti bu sazişdə hökumət təşkilatı olaraq Azərbaycan Respublikasını təmsil edir və podratçı tərəflərin bu sazişdəki öhdəliklərinin yerinə yetirilməsinə nəzarət eləyir, bu sazişin işləməsini təşkil eləyir və sair. O burada həm podratçı, həm də hökumət təşkilatı kimi təmsil oluna bilməz. Ona görə də Ortaq Neft Şirkəti yaradılır. Ortaq Neft Şirkəti də başqa podratçı tərəflər kimi məsuliyyət daşıyır. Dövlət Neft Şirkəti özü öz qarşısında məsuliyyət daşıya bilməz. Biz bunu bir neçə dəfə izah eləmişik. Ancaq məni məcbur edirsiniz, yenə də kiminsə qarşısında bunu izah eləyim. Ortaq neft şirkətlərinin yaradılması və bura daxil edilməsi qarşılaşa biləcəyimiz riskləri azaldaraq Azərbaycanın gəlirlərinin, mənfəətlərinin daha da artırılmasına imkan verir. Yəni mənfəətdə Ortaq Neft Şirkətinin 25 faiz hissəsi var və o bunu mənfəət nefti əldə olunan dəqiqədən alacaqdır. Amma neft hasilatı artana qədər, çəkilən xərclər gəlirlərdən az olana qədər Ortaq Neft Şirkəti bir qəpik xərc çəkməyəcək, yəni bu riskləri boynuna götürməyəcəkdir. Ancaq dörd ardıcıl kvartal ərzində neftdən və təbii sərbəst qazdan gələn gəlirlər lazım olan xərclərdən artıq olan zaman Ortaq Neft Şirkəti sərmayə qoyacaq. Yəni ən riskli zamanda Ortaq Neft Şirkəti bir qəpik də maliyyə riskini boynuna götürməyəcək.
Zığ və Hövsan neft yataqlarının milli neft ehtiyatları kimi saxlanması haqqında mənim heç vaxt məlumatım olmayıb. Halbuki mən Dövlət Neft Şirkətində çox işləmişəm və bu işlərlə məşğul olmuşam. Zığ və Hövsan yataqları bir o qədər böyük yataqlar deyil ki, neft ehtiyatları kimi saxlanılsın. İkisinin bir yerdə ehtiyatları cəmi bir neçə milyon tondur. Bu da yataq üçün, milli ehtiyat kimi saxlanmaq üçün heç bir şeydir. Bir də ki, bu yataqlar hər zaman istismar olunub, ehtiyat kimi saxlanmayıbdır. Siz düz deyirsiniz, bu gün Dövlət Neft Şirkətinin imkanları artır. O imkanlardan istifadə edərək Azərbaycanda və Azərbaycandan kənarda daha səmərəli layihələrə sərmayə qoymaq Dövlət Neft Şirkəti üçün daha düzgün bir siyasət olardı. Gələcəkdə Dövlət Neft Şirkətinin bəlkə də daha riskli, ancaq böyük nəticə verə bilən layihələrə sərmayə qoyması, mənim fikrimcə, daha düzgün olar. Əslində, Dövlət Neft Şirkəti elə məhz bu cür hərəkət eləyir. Beynəlxalq təcrübə də bunu sübut edir ki, köhnəlmiş, səmərəsi aşağı düşmüş, az mənfəət verən ehtiyatları, aktivləri kiməsə icarəyə vermək, bunun nəticəsində sərbəstləşmiş maliyyə vəsaitini daha səmərəli istiqamətə yönəltmək məqsədəuyğundur. Bu da beynəlxalq təcrübədir, bu da adi maliyyə menecmenti deyilən bir şeydir.
Niyə bu saziş məhz Russneft şirkəti ilə bağlanıb? Onu deyim ki, bu yataqlar haqqında başqa şirkətlərlə də danışıqlar aparılıbdır. Bildiyiniz kimi, LUKoyl şirkəti ilə kontrakt da imzalanmışdı. Ancaq Azərbaycan tərəfinin qoyduğu şərtləri hər şirkət qəbul eləmədiyinə görə bu kontrakt bizim şərtləri qəbul eləyən şirkətlə imzalanmışdır. Bu şirkət də imkansız bir şirkət deyil. Böyük maliyyə imkanlarına, texnologiyalara, təcrübəyə malik olan bir şirkətdir. 170 neft və qaz yatağında işləmək, otuz neft-qazçıxarma şirkətini, üç neft emalı zavodunu idarə eləmək hər şirkətin işi deyil.
Rusiya ilə Azərbaycan arasında qaz problemləri ola-ola niyə bu saziş rus şirkəti ilə bağlanıb? Rus şirkəti bu şərtləri qəbul elədiyinə görə, səmərəli işləri aparmağı boynuna götürdüyünə görə. Bir də ki, bu, dövlət şirkəti deyil. Qazpromla müəyyən problemlər var idi, amma Russneftlə yox idi. Əgər fikir veribsinizsə, kontraktda yeni texnologiyalar, yeni təcrübə, yeni idarəetmə üsulları haqqında müddəalar var. Əlavələrdə beynəlxalq standartların adları da çəkilib və podratçı tərəflərin boynuna qoyulub ki, bunlar işlərini standartlara, o cümlədən ekoloji təhlükəsizlik, sağlamlığın qorunması sahəsində beynəlxalq təcrübəyə uyğun olaraq aparmalıdırlar.
Yenə də köhnə bir sual. Niyə bu kontraktda sərmayə göstərilməyib? Kontraktda sərmayəni göstərmək mümkün deyil. Çünki kontraktda yalnız tərəflər arasında münasibətlər müəyyən olunur. Ona görə kontraktda yazılıbdır ki, bu kontrakt qüvvəyə mindikdən sonra podratçı tərəf müvafiq inkişaf proqramını hazırlayıb Dövlət Neft Şirkətinin təsdiqinə təqdim edəcəkdir. Həmin proqramda neft hasilatı, görüləcək işlər, qazılan quyular, yaradılan infrastrukturlar, sərmayələr və sair göstəriləcək. Həm də neft sənayesində risklər o qədər böyükdür ki, bu başdan 10 il, 15 il sonrakı müddətə nə qədər sərmayə qoyulacağını demək mümkün deyil. Ona görə də həmin proqramdan başqa hər il illik iş proqramı və büdcə tərtib olunur, tərəflər arasında təsdiq olunandan sonra icra edilir. İllik iş proqramında ondan əvvəlki müddət ərzində əldə edilmiş yeni məlumatlara əsaslanaraq işlərin həcmi, müddəti, nəticəsi, sərmayəsi göstərilir. Bütün bunlar kontraktda ciddi şəkildə göstərilib. Burada yazılıbdır ki, podratçı tərəf iki il ərzində hasilatı 1,5 dəfə qaldırmasa, Dövlət Neft Şirkəti podratçını bu sahədən çıxara və kontraktın icrasını dayandıra bilər. Dövlət Neft Şirkətinin və Azərbaycan tərəfinin heç bir öhdəliyi yoxdur ki, bu qoyulmuş sərmayələri ödəsin. Hər bir podratçı üçün bu böyük risk olduğuna görə, yəqin, çalışacaqlar ki, öz öhdəliklərini yerinə yetirsinlər.
Pənah bəy çox düzgün dedi ki, Russneft şirkəti və onun rəhbərliyi dəli deyil ki, mənfəət olmayan yerə pul qoysun. Dəli olsaydılar, misal üçün, 2004-cü ildə 10 milyon ton olan hasilatı 2006-cı ildə 17,5 milyon tona çatdıra, yəni 2 ilə 7,5 milyon ton artıra bilməzdilər. Əlbəttə, bütün riskləri nəzərə alaraq bura mənfəət qazanmağa gəliblər və nə qədər çox mənfəət qazansalar, Azərbaycan tərəfi də o qədər çox mənfəət əldə edəcəkdir. Birinci mərhələdə mənfəətin 55 faizi Azərbaycan tərəfinə çatacaqsa, mənfəət artdıqca Azərbaycan tərəfinin hissəsi 92,5 faizədək artacaq, o biri tərəfin payı 45 faizdən 7,5 faizə qədər azalacaqdır.
Niyə növbəti saziş yenə də pay bölgüsü haqqındadır? Əli müəllim, dediniz ki, belə sazişlər inkişaf etməkdə olan ölkələrdə istifadə olunur. Amma demədiniz ki, inkişaf etmiş ölkələrdə hansı sazişlər istifadə olunur. Konsensiya sazişi ola bilər. Yəni pulunu qoy, risklərini götür, çıxardığın neftin ildə 10 faizini bizə ver. Mənfəətin olacaq, olmayacaq, bilmirəm. Bu modelə bu gün heç kim getmir. İnkişaf etmiş ölkələrdə ikinci bir model də var - vergi modeli. Yəni adi bir müəssisə kimi, zavod kimi, restoran kimi. Nə vaxt mühasibat kitabında mənfəətin əmələ gələcək, o vaxt adi mənfəət vergisini verəcəksən, bununla da bitəcək. Misal üçün, İngiltərəni, Norveçi göstərmək olar. Norveçdə bir neçə növ vergi var. Ancaq mənim fikrimcə, Azərbaycan tərəfi çox düzgün olaraq haqq-hesabı burada sahildə aparır. Çünki bu boyda əməliyyatlardan sonra müyyən etmək çətin olur ki, nə qədər neft hasil olunub, nə qədər nəql olunub, harada satılıb, harada emal olunub və sair. Get, indi bunların kitablarını yoxla, gör bunların mənfəəti nə vaxt gəlib çıxıb, nə qədər olub, nə qədər vergi verməlidir, vergidən nə qədər yayınıb, ya yayınmayıb. Mal burada, biz burada, malımızı sahildə böldük, haqq-hesablaşdıq. Mən gedib onun kitabını axtaran deyiləm. Gözümlə gördüyüm payımı almaqdansa niyə gedib mən onun kitab- dəftərini axtarım? Öz hökuməti onun kitab-dəftərini axtara bilmir. Bunu siz bilirsiniz, təcrübəniz də var. Ona görə də burada, qapımda öz malımı bölüşdürürəm. Bu mənimki, bu da səninki. İndi apar sən özününkünü sat, mən də özümünkünü satım. Saziş məhz bu səbəbdən pay bölgüsü əsasında qurulub. Başqa səbəbi yoxdur. Əgər Siz hesab edirsiniz ki, vergi sisteminə keçməliyik, gəlin, müzakirə eləyək. Mən şəxsən bununla heç vaxt razılaşmaram.
Bu sazişin o biri sazişlərdən üstünlüyü. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin imzaladığı sazişlər elə bir səviyyəyə gəlib çatıbdır ki, onları bundan artıq əlverişli eləmək bütün bu prosesi dayandırmaq deməkdir. Misal üçün, sərmayəçi hasilatı bir onda beş dəfəyədək artırmayınca və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti öz xərclərini məsrəflərin ödənilməsinə yönəlmiş neft satışından ödəməyincə onun üstünə faiz gəlmir. Bilirsiniz ki, adi maliyyə sistemində bu, mümkün deyil. Ödənilməyibsə də, üstünə faiz gəlməlidir. Bu üstünlükdür və bu üstünlüyə Dövlət Neft Şirkəti son bir neçə sazişlərdə nail ola bilibdir. Başqa üstünlüklər də var. Ancaq yenə də deyirəm, bu sazişlərin şərtləri elə səviyyəyə çatıb ki, ondan o tərəfə getmək sərmayəçilərə deməkdir ki, rədd olun, Azərbaycana gəlməyin. Mənim fikrimcə, bu düzgün deyil.
Köhnəlmiş yataqları işlətmək üçün, məncə, biz yenə də xarici sərmayəçiləri çağırmalıyıq. Yeni aktivlərə, daha səmərəli, daha mənfəətli aktivlərə Dövlət Neft Şirkəti, Azərbaycan özü pul qoymalıdır. Məndə olan məlumata görə, belə proqramlar hazırlanır, belə işlər görülür və artıq bunların nəticəsi görünür. Əgər düzgün yazmışamsa, suallarınıza olan cavablar bunlardan ibarətdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxışa yazılanlardan təkid eləyənlər var? Qüdrət Həsənquliyev, Cəmil Həsənli, bir də Səttar müəllim. Buyurun, növbə ilə. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və mətbuat nümayəndələri! Bu sazişlə bağlı mən də öz münasibətimi bildirmək istəyirəm. Burada məni qane eləyən bir məqam varsa, bəlkə də elə ondan ibarətdir ki, bu, Rusiya şirkətidir. Vaxtilə LUKoyl Azərbaycandakı bu neft yataqlarının istismarına cəlb ediləndə mən bunu çox müsbət qarşılamışdım. Rusiya bizim qonşumuzdur və Azərbaycanın maraqları tələb edir ki, Azərbaycanda Rusiya şirkətləri də sərmayə qoysunlar, fəaliyyət göstərsinlər. Amma o zaman LUKoyl öz payını satdı və böyük gəlir götürdü, hətta Azərbaycan büdcəsinə verməli olduğu 250 milyon dollar vergini də vermədi. Mən istərdim ki, bu barədə də bir məlumat verilsin. Hələ o zaman Vergilər Nazirliyi də bu barədə mətbuatda çıxışlar eləmiş, bu məsələ dəfələrlə parlamentdə qaldırılmışdır.
Vaxtilə bu neft yataqlarının xarici şirkətlərlə pay bölgüsü prinsipi əsasında istismarı haqqında sazişlər imzalanması müsbət hal idi. Çünki Azərbaycanın özünün o yataqları istismar etmək üçün müasir texnologiyası və lazımi vəsaiti yox idi. Amma indi Azərbaycanın kifayət qədər maliyyə vəsaiti var və bu sahə çox gəlirli sahədir. Mən bu yaxınlarda mətbuatda oxudum ki, Azərbaycan neftinin satışından ümumən 8,7 milyard dollar vəsait əldə olunub. Onun cəmi 1,2 milyardı Azərbaycana çatıb. Digər hissəsini xarici neft şirkətləri qoyduqları sərmayəyə uyğun olaraq götürüblər. Yəni hazırda Azərbaycanın Dövlət Neft Fondunda kifayət qədər vəsait toplanıb və Azərbaycan texnologiyası da bu neft yataqlarını onun özünün istismar etməsinə imkan verir. Ona görə də bu yeni sazişlərin bağlanmasının mənası mənim üçün bir az qaranlıq qalır. Mən təklif edirəm ki, bir aydınlaşdıraq, görək, niyə bu tipli sazişləri biz Milli Məclisdə bu cür təsdiq eləməli, ona qanun qüvvəsi verməliyik? Valeh müəllim, dəfələrlə Milli Məclisdə də məsələ qaldırılıb ki, bizim Energetika Nazirliyi var, Dövlət Neft Şirkəti var.
Atçılıq haqqında qanun qəbul eləyirik, amma Azərbaycanın milli sərvəti olan neft haqqında biz qanun qəbul eləmirik. Mən bu məsələyə də istərdim bir aydınlıq gətirilsin. Hesab edirəm ki, bu çox gəlirli sahə olduğuna görə bu cür yataqları Azərbaycan özü istismar eləməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Sizin suallarınızın yarısına artıq cavab verilmişdi. Yəqin, diqqət eləməmisiniz. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! İstər ikinci çağırış, istərsə də üçüncü çağırış Milli Məclisdə mən dəfələrlə çıxış eləmiş və əsaslandırmağa çalışmışam ki, böyük həcmdə neft istehsal edən Azərbaycan kimi ölkədə neft haqqında qanun olmalıdır.
Bizdə qəribə bir vəziyyət yaranıbdır. Baza qanunundan irəli gələn digər qanunları biz qəbul edirik, amma neft haqqında qanunun özü yoxdur. Ötən çağırışda dəfələrlə Sədr və komissiya məlumat vermişdi ki, belə bir qanun hazırlanır, yaxın vaxtlarda Milli Məclisə gələcək. İndi biz artıq ikinci dəfə Zığ, Hövsan yataqları ilə bağlı xarici şirkətlə saziş bağlayırıq. Amma neft haqqında qanun yenə də yoxdur.
Bir dəfə biz Valeh müəllimlə ayaqüstü söhbət etdik. O əsaslandırmağa çalışdı ki, buna ehtiyac yoxdur. Amma Azərbaycan neft istehsal edən və ixrac edən birinci ölkə deyil, sonuncu da deyil. İri həcmdə neft istehsal edən ölkələrin hamısında, hətta monarxiya dövlətlərində neft haqqında qanun var. Konstitusiyamız müəyyən edir ki, Azərbaycanda nə varsa, Azərbaycan xalqına məxsusdur. Qanunla da müəyyən edilməlidir ki, bu neft hansı formada, hansı hüquqi əsaslarla Azərbaycan xalqına məxsusdur.
Valeh müəllim, əgər xatırlayırsınızsa, vaxtilə Lukoylla müqavilə bağlananda bu məsələ ilə bağlı bizim mübahisəmiz də oldu. Stenoqramları qaldırıb baxa bilərsiniz. Biz onda da dedik ki, bu, əlverişli deyil, bu müqaviləni bağlamağa ehtiyac yoxdur. Birincisi nəyə görə? Azərbaycan Prezidenti bütün çıxışlarında və xarici səfərlərində bəyan edir ki, bu gün bizə neft sahəsində yox, qeyri-neft sahəsində investisiya qoymaq, qeyri-neft sahəsinə xarici şirkətləri dəvət etmək lazımdır. Şəxsən mənim Russneftə qarşı heç bir pis niyyətim yoxdur və Rusiya ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə tərəfdar olan bir millət vəkiliyəm. Çünki Rusiyanın böyük potensialı var və Russneft də 17,5 milyon ton neft istehsal edən, 170 yatağı işlədən, böyük imkanlara malik bir şirkətdir.
Amma indi LUKoylun həmin yataqlarla bağlı sazişdən niyə imtina etməsinin şərhi düzgün verilmir. Deyilir ki, LUKoyl ona görə o müqavilədən imtina etdi ki, o bizim şərtlərimizi qəbul etmədi. Müqavilə imzalanmışdı, şərtlər də qəbul edilmişdi. LUKoyl sonra müqaviləyə daxil edilən yeni şərtləri qəbul etmədi. Siz burada Azərbaycanın bağladığı sazişlərin iqtisadi səmərəliliyindən danışdınız. Necə ola bilir ki, heç bir iş görmədən 1 ildən sonra kompaniya öz payını satır və bu payın satılmasından 100 milyon dollar gəlir götürür? Ona hansı üstünlük verilir ki, belə əlverişli şərtlərlə onu sata bilir?
Zığ və Hövsanda böyük neft yataqları yoxdur. Burada 11-12 milyon ehtiyatdan söhbət gedir. Eyni zamanda, bunlar yeni yataqlar deyil. Vaxtilə burada müəyyən infrastruktur olub. Bu infrastruktur müqavilədə hansı formada öz əksini tapır? Ümumiyyətlə, o tamamilə dağılmış hesab edilir, ya bu müqavilədə hansısa formada öz əksini tapır? Axı, bunlar hələ neftin tapılacağı ehtimal olunan yataqlar deyil, faktiki olaraq, işləyən yataqlardır. Dövlət Neft Şirkəti dəfələrlə elan edib ki, Azərbaycana o qədər böyük pullar gəlir ki, dövlət onu qoymağa yer tapa bilmir. Belə bir şəraitdə o qədər böyük bir ehtiyatı olmayan bir yatağın xarici şirkətə verilməsi nə ilə bağlıdır? Deyirsiniz ki, 55 faizini Azərbaycan götürəcək, 45 faizini müqavilədə olan tərəf götürəcək, burada heç bir risk yoxdur. Bunlar geoloji cəhətdən təsdiq olunmuş yataqlardır. Hamı bilir ki, burada ehtiyat var. Azərbaycan Dövlət Neft Şirkətinin imkanları ola-ola niyə Azərbaycanın sərvətləri bu cür şərtlərlə xarici şirkətlərə verilir? Mənə belə gəlir ki, Zığ və Hövsan yataqlarını Azərbaycan özü işlədə bilər. Bu müqavilə bağlananda da mən bunu demişəm, indi də deyirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin buna imkanı var.
Əslində, bunun arxasında duran məsələ nədir, hamı bilir, heç kəs də deyə bilmir. Burada söhbət 11-12 milyon ton neftdən getmir, müəyyən formada neftin ölkədən çıxarılmasından gedir. Bu neft hətta Zığ və Hövsanda istehsal olunmasa da. Rus şirkətləri ilə işləmək daha asandır. Bu müqavilənin arxasında duran mahiyyət bundan ibarətdir. İndi istəyirsiniz əlinizi yelləyin, ya başınızı yelləyin, amma müqavilənin arxasında duran mahiyyət bundan ibarətdir.
Azərbaycanın sərvətlərini bu formada hərraca qoymaq olmaz. Xalq zəlalət içərisində yaşayır. Bir həftə içərisində işıq puluna görə bir nəfər öldürülüb, bir nəfər yaralanıb. Adamlar bunu xoş günündən etmirlər, zəlalət içərisində yaşadıqlarından edirlər. Azərbaycanın sərvətlərinə münasibətdə xalqın maraqlarını, dövlətin maraqlarını nəzərə almaq lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Cəmil müəllim, mənim Sizə çox böyük hörmətim var. Amma bu, həqiqətən, populist çıxışdır. Biz burada sazişdən danışırıq. Siz, yəqin, ya sazişi diqqətlə oxumamısınız, ya verilən cavablara qulaq asmamısınız. Sazişdə deyilmir ki, 45 faiz Russneftə verilib. Orada izah olunur. Russneft qoyduğu xərclərin 75 faizini götürəndən sonra onun 7,2-7,5 faiz gəliri qalır. Ona görə belə sazişlərin müzakirəsində diqqətli olmaq, verilən cavablara qulaq asmaq lazımdır. Sizin sualın yarısına artıq cavab verilmişdir. Bu sazişlər dünyanın hər yerində eyni cür qəbul olunur. Hər şeyin arxasında neqativ cəhət görmək lazım deyil. Sazişlər bir həftədir hamımıza paylanıb. Sualları araşdırmaq lazım idi. Belə cıxışlar, mən hesab edirəm ki, düzgün deyil. Səttar müəllim, buyurun.
S. Möhbalıyev. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu sazişin qəbul edilməsinə səs verəcəyəm. Ancaq məni düşündürən bir neçə məsələ var. Onu istəyirəm ki, sizin nəzərinizə çatdırım. Bu sazişin mənfi və müsbət cəhətlərini burada çıxış edən yoldaşlar izah etdilər. Mən deyərdim ki, bu saziş Azərbaycan dövlətinin xeyrinə bağlanan bir sazişdir. Burada başqa cür neqativ hallar axtarmağa ehtiyac yoxdur.
Məni düşündürən əsas məsələ ondan ibarətdir ki, bu kontraktın 8.7-ci maddəsində “işçi heyəti” deyilən bir bənd var. Həmkarlar təşkilatının rəhbəri kimi məni bu məsələ düşündürür. Çünki bu bənddə o yataqlarda çalışan insanların işlə təminat məsələsi nəzərdə tutulur. Bilirsiniz ki, köhnə iş yerlərində uzun müddət işləyən, neft sənayesində çalışan, canını qoyan, pensiya yaşına 5 il, 6 il, 4 il qalan insanlar var. Bunların işlə təmin edilmə məsələsi məni çox düşündürür.
Bilirsiniz ki, bu kontraktlar burada müzakirə olunanda mən dəfələrlə çıxış etmiş və öz fikirlərimi bildirmişəm. Xarici neft şirkətləri çalışır ki, onlarda həmkarlar təşkilatı yaradılmasın. Bu şirkətlərin tərkibinə daxil olan insanlar həmkarlar təşkilatlarının üzvüdür. Nəyə görə şirkətlər istəyirlər ki, həmkarlar təşkilatı olmasın? Ona görə istəyirlər ki, orada insanların əmək və sosial hüquqlarına riayət etmirlər, əmək qanunvericiliyini kobud şəkildə pozurlar. Bunlara maneçilik törədən bir həmkarlar təşkilatının yaranmasına imkan yaratmırlar.
Mən sizin nəzərinizə çatdırım ki, bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri ilə həmkarlar təşkilatı belə bir şirkəti yoxlayıblar. Bu şirkətdə də yerli işçilərin əmək hüquqları ciddi şəkildə pozulur. Onları istənilən vaxt işdən azad edirlər, bağladığı əmək müqavilələri müvəqqəti xarakter daşıyır. Mən əminəm ki, bu neft şirkətinin rəhbəri belə müqavilələrin bağlanmasına imkan verməyəcək, çalışacaq ki, orada işləyən insanların əmək və sosial hüquqları qorunsun və orada həmkarlar təşkilatı yaradılsın. Bu kontraktda yazılıb ki, kontrakt fəaliyyət göstərəndən sonra mühəndis-texniki işçilərin 70 faizi Azərbaycan vətəndaşları, qalanları isə əcnəbilər olacaq. Yenə deyirəm, bizim yoxladığımız təşkilatda işçilərin 51 faizi olub xarici vətəndaşlar, 49 faizi azərbaycanlılar. Mən bu haqda hörmətli Rövnəq müəllimə məktub göndərəcəyəm ki, araşdırsınlar. Orada bizim hüquqlarımız pozulursa, onu bərpa etsinlər. Bir çox işçilər var ki, iş tapa bilmirlər, onları bu şirkətdə işlə təmin etsinlər.
Mən çıxışımın sonunda yenə də deyirəm, bu sazişin Azərbaycan dövlətinə böyük xeyiri var, uğurlu olsun. Hamınızdan xahiş edirəm ki, bu kontrakta səs verəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səttar müəllim. Mən hesab edirəm ki, heç sualları cavablandırmağa ehtiyac yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim, ikinci hissə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bütün deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Bir qrup adam burada çıxışlarında elə göstərmək istəyir ki, guya bunlar bu xalqın maraqlarını Dövlət Neft Şirkətindən daha çox müdafiə etməyə çalışır. Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin bir qurumudur və xalqın, dövlətin mənafeyini hamıdan yaxşı bilir, onun müdafiəsi ilə də hamıdan yaxşı məşğul olur. Bağlanan sazişlərin hər birində də bu maraqlar özünü göstərir. Guya Pənah Hüseynin və yaxud digərlərinin bu xalqa bunlardan daha çox canı yanır.
Kontraktda xüsusi ekspertlər iştirak ediblər. Bu kontrakta neçə-neçə beynəlxalq qurumlar baxacaqlar. Bu, uşaq oyuncağı və yaxud da kartof alveri deyil ki, kimsə bir kisə kartof gətirib satsın, o biri də bunu alsın, burada kimsə kiməsə kələk gəlsin. Bu, sazişdir, bu bütün beynəlxalq təşkilatlara yayılır, bununla beynəlxalq ekspertiza məşğul olur.
Mən bir misalı nəzərinizə çatdırmaq istəyirəm. Bu cür adamlar 1994-cü ildə əsrin kontraktı bağlananda da, Bakı-Tbilisi-Ceyhan layihəsi ortaya qoyulanda da eyni hay-küyü salmışdılar. Rəsul Quliyev Amerikadan səslənib deyirdi ki, bu, əfsanədir, belə bir şey olmayacaq. İndi Bakı-Tbilisi-Ceyhandan gələn pulları saymağa başlayıblar. O pulların bölüşdürülməsi ilə məşğul olurlar. Amma vaxt var idi ki, ümummilli liderimiz tərəfindən neft strategiyası müəyyənləşəndə hamısı az qala küçələrdə mitinq keçirib qışqırırdı. Bu gün neft strategiyasının xeyrini görürük, o sazişlərdən ölkəyə nə qədər gəlir gəlir. Haradan bilirsiniz ki, bunun bu qədər xeyri, gəliri olmayacaqdır? Bu onlardan daha yaxşı variantdır, çünki Azərbaycanın artıq oturuşmuş neft strategiyası, neft siyasəti var. Ona görə də hesab edirəm ki, bu cür böhtanlara, fikirlərə o qədər də diqqət vermək lazım deyil.
Deputat həmkarlarımı bu kontrakta səs verməyə çağırıram. Azərbaycanın düzgün neft strategiyası var, düzgün də həyata keçirilir. Kiminsə nə isə oğurlamaq, nəyi isə aparmaq xəyalından keçirsə, bu, Azərbaycan dövlətində mümkün deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Bir nəfər də təkid edir. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür edirəm, Oqtay müəllim. Çıxışlar yekunlaşandan sonra müraciət etdiniz ki, kimin sualı varsa, versin. Amma suallar hamısı çıxış formasında oldu. Çıxışda mənim adım birinci olduğundan təkid etmək məcburiyyətində qaldım.
Bu gün müzakirəmizə təqdim olunan saziş üzv olduğum komissiyada da müzakirə olunub. Mən komissiyada da öz fikirlərimi bildirmişdim. Bildirmişdim ki, Azərbaycanda istər neft sahəsində, istərsə də digər sahələrdə yeni görüləcək işlərin hər biri alqışlanmalıdır. Şəxsən mən alqışlayıram. Ancaq mən komissiyada da sual verdim, hörmətli Rövnəq müəllim komissiyada sona qədər qala bilmədi deyə sualımı cavablandıra bilmədi. Ona görə indi sualıma Rövnəq müəllimdən cavab almaq istərdim. Mən şübhə etmirəm ki, Valeh müəllim uzun müddət Dövlət Neft Şirkətində işləyib və bu kontraktların imzalanmasının bilavasitə iştirakçısı olub. Ancaq ölkə başçısının dəfələrlə dediyinə görə, bizim artıq neft gəlirlərimiz elə həddə çatıb ki, ən azı yaxın 1-2 ildə ölkəmizin heç bir problemi olmayacaq.
Mətbuatdan hamımıza bəllidir ki, bizim Dövlət Neft Şirkəti artıq Gürcüstanda və Türkiyədə neft emalı zavodları tikir, biz Gürcüstana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı sərmayə yatırdırıq. Ancaq Zığ, Hövsan yataqlarını Dövlət Neft Şirkətimizin maliyyələşdirməsi üçün heç də böyük sərmayə tələb olunmur. Bəlkə də bu gün buna heç böyük bir ehtiyac da yoxdur. Bu gün onsuz da orada müəyyən miqdarda neft çıxır. Əgər indi imkanımız çatmırsa, yetərincə deyilsə, bir ildən sonra bunu Dövlət Neft Şirkəti maliyyələşdirsin və o yataqlar yenidən işlənsin.
Mən o arzudayam ki, Azərbaycanımızın heç bir təbii sərvəti Azərbaycandan kənara çıxmasın. Bizim Azərbaycanın kifayət qədər problemləri var. Təbii sərvətlərimizin o problemlərə sərf olunması üçün bütün hökumət, dövlət, hakimiyyət nümayəndələri səmərəli fəaliyyət göstərməlidirlər. Siyavuş Novruzov deyir ki, bizlər guya payın bölüşdürülməsi ilə məşğuluq. Siyavuş müəllim, onsuz da millətə, sizin dediyiniz kimi, bu gün bu paydan bir şey çatmır. Siyavuş Novruzova çatırsa, biz onun davasını etmirik. Biz onun davasını edirik ki, Zığ, Hövsan neft yataqlarının yenidən işlənməsi üçün bu gün Dövlət Neft Şirkətinin kifayət qədər maliyyəsi var və bunu edə bilər.
Oqtay müəllim, mən səhər iclasında istədim 3 dəqiqə Sumqayıtla bağlı fikrimi bildirim, imkan olmadı. İndi 1 dəqiqə vaxt versəydiniz fikrimi çatdırardım.
Sədrlik edən. Buyurun.
İ. İsrafilov. Oqtay müəllim, bunu Sizin də diqqətdə saxlamağınızı xahiş edirəm. Bilirsiniz ki, Kimya Şirkətinin bütün müəssisələri Sumqayıtda yerləşir və Tarif Şurası enerji daşıyıcılarının qiymətini qaldırandan sonra şirkətin bütün müəssisələri fəaliyyətini dayandırıb. Şirkətdə 10 minə qədər insan çalışır. Artıq 2 aydır o insanlar əmək haqqı ala bilmir. Müəssisələrin də yaxın günlərdə işləmək imkanı gözlənilmir. Ona görə ki, istehsal olunan məhsulların maya dəyərində enerji daşıyıcılarının xüsusi çəkisi minimum 50-60 faizdir. Bu gün 2005-2006-cı illərdə bağlanmış uzun müddətli müqavilələrə görə məhsulu alan şirkətlər, müəssisələr, dövlətlər qiymətinə görə o məhsullardan imtina edirlər.
Mən hesab etmirəm ki, bu bir şirkətin prezidentinin və ya bir müəssisənin rəhbərinin səlahiyyətində olan məsələdir. Yeri gəlmişkən, deyirəm ki, Baş nazirin birinci müavini hörmətli Yaqub Eyyubov Sumqayıtda müşavirədə olanda mən bu məsələni qaldırdım və bir ay keçməsinə baxmayaraq, Yaqub müəllimin bu məsələnin olduğu kimi qalması barədə məlumatsız olması məndə təəssüf doğurdu. Mənim bu məsələni bu gün səsləndirməkdə məqsədim o idi ki, hörmətli Oqtay müəllim, Valeh müəllim, komissiya sədri kimi Siz də Sumqayıtda yaranan bu ciddi vəziyyətin hökumət səviyyəsində müzakirə edilməsinə yardımçı olasınız. Xahiş edirəm, yaxın günlərdə bu işə bir əlac olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələr bitdi. Valeh müəllim bəzi suallara qısa cavab verəcək. Valeh müəllim, xahiş edirəm, sualları qısa cavablandırasınız.
V. Ələsgərov. Çox sağ olun. Çalışaram ki, qısa cavab verəm. Söz verirəm ki, bəzi suallar, bəzi çıxışlar təhqiranə xarakter daşıdığına baxmayaraq əsəbləşməyəcəyəm.
Birincisi, şəffaflıq təşəbbüsü adında bir beynəlxalq təşəbbüs var. Yəqin ki, xəbəriniz var. Neft, qaz çıxaran ölkələrin əksəriyyəti bu təşəbbüsə qoşulub. Ancaq son 3 ildə bu təşəbbüsə uyğun olaraq bütün məsələləri beynəlxalq standartlara uyğun olaraq icra edən yeganə ölkə Azərbaycandır. Bunu İngiltərə, Amerika Birləşmiş Ştatları hökumət olaraq, qeyri-dövlət, qeyri-hökumət olaraq hamı tanıyır. Hamının etiraf etdiyinə görə, Azərbaycan yeganə ölkədir ki, neft və qazdan daxil olan vəsaitlərin hamısı Dövlət Neft Fonduna daxil olur, audit keçirilir. Bunu biriniz də demədiniz.
İkincisi, nə Amerika Birləşmiş Ştatlarında, nə İngiltərədə dövlət neft şirkətləri var. Neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə xarici şirkətlər, yerli şirkətlər məşğuldur. Bir dənə də dövlət qurumu bununla məşğul deyil.
Bir suala da cavab verim. Burada belə bir sual da səsləndi ki, Dövlət Neft Şirkətinin imkanları varsa və o haradasa sərmayə qoyursa, köhnə yataqlara niyə sərmayə qoymur. Bir də izah edirəm. Birinci hissədə dedim, bu elmə maliyyə menecmenti, maliyyə idarəetmə elmi deyilir. O elmdə də bir postulat var ki, səmərəsi aşağı olan aktivlərə sərmayə qoymaqdansa, o aktivləri ya satın, ya kiməsə icarəyə verin, ora qoyduğunuz vəsaiti yeni, daha səmərəli aktivlərə qoyun. Bunu bilməyən insanlara bunu izah etmək olar.
Çıxışlarda səslənən əsas iradlardan biri də o idi ki, Lukoyl payını satdı, böyük mənfəət əldə etdi, 250 milyon dollar vergidən yayındı. LUKoyl riskə gedib 100 milyon dollar vəsait qoyanda o risklərə Azərbaycan hökuməti şərik çıxsaydı, LUKoyl hissəsini satıb çıxanda LUKoyla şərik olaraq payını istəyə bilərdi. O risklərə Azərbaycan hökuməti qatılmadı. Azərbaycan nə itirdi? Riskə gedib, pul qoyub, qazanıb, özü bilər. Vergidən gizlənməyib, vergidən yayınmayıb. Qəzetlərin yazdığı düzgün deyil. İsbat istəyirsinizsə, həmişə hazıram. Əlavə izahat lazımdırsa, xahiş edirəm, gəlin görüşək.
Cəmil müəllim, neft haqqında qanun barədə Sizinlə liftin qabağında görüşüb danışdıq. Mən Sizə təklif etdim, dedim, bura yeri deyil, ətraflı, geniş müzakirə üçün yer var, vaxt var, gəlin müzakirə edək, mən öz mövqeyimi Sizə çatdırım. Vaxt tapmadınız. Mən nə edim? Ürəyiniz o qədər yanırsa, niyə mənimlə görüşməyə, müzakirə etməyə vaxt tapmadınız? Neft haqqında qanun, ola bilsin, bir gün olacaq. Bu gün neft haqqında qanun yoxdur demək bir balaca düz deyil. Neft və qaz sahəsində elə bir fəaliyyət növü yoxdur ki, Rövnəq Abdullayev, ya da Xoşbəxt Yusifzadə qeyri-qanuni hərəkət edə bilsinlər və bu hərəkəti onunla əsaslandırsınlar ki, qanunda bu öz əksini tapmayıb. Bu sazişdə, başqa qanunlarda neft və qaz fəaliyyətinə aid olan bütün hərəkətlər, addımlar qeyd olunub və hamı da bu qayda-qanuna uyğun olaraq hərəkət edir. Əgər, doğrudan da, neft və qaz ehtiyatlarının istismarına aid qanuna ehtiyac duyursunuzsa, niyə hazırlayıb vermirsiniz? Hazırlayın, təqdim edin, baxaq. Böyük problem deyil. Hər dəfə bu məsələni qaldırırsınız. Deyirsiniz, şirkətlər kontraktları imzalayırlar, sonra kimlərəsə 100 milyonlarla dollara satırlar. Bir kontraktın adını çəkin.
Sədrlik edən. Valeh müəllim, xahiş edirəm.
V. Ələsgərov. Belə olmaz, Oqtay müəllim, hər dəfə burada tənqidlə yox, təhqirlə qarşılaşırıq. LUKoyla aid cavab verdim. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Mən tam səmimiyyətlə deyirəm, neft kontraktları ilə bağlı məsələləri Azərbaycanda Valeh müəllim kimi bilən mütəxəssislər az tapılar. Valeh müəllim hərdən əsəbiləşir. Valeh müəllim, elə şeylər var, Siz bilirsiniz, çoxları bilmir. İzahat lazımdır. Ona görə əsəbiləşmək lazım deyil.
Ancaq, həqiqətən, diletant suallar olur. Guya hansı şirkətsə 100 milyon qoyub, 200 milyon qazanır. Tender elan olunanda heç bir dövlət qarantiyası olmadan risk edib, 100 milyon dollar pul qoyub, sonra öz payını başqa şirkətə satıb gedib. Burada nə məsələ var? Dünyada mövcud olan biznesdir. Bunu şişirdib bunlardan reklam yaratmaq lazım deyil. Mən hesab edirəm ki, biz bu qanunu lazımi qədər müzakirə etdik. Xahiş edirəm, sazişə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 100
Əleyhinə 9
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 110
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz, iclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsi. “GUAM iştirakçısı olan dövlətlərin xarici işlər nazirlikləri arasında diplomatik nümayəndələrin hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə. Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Oqtay müəllim, söz verdiyinizə görə çox sağ olun. Biz dünən komissiyamızda GUAM iştirakçısı olan dövlətlərin xarici işlər nazirlikləri arasında diplomatik nümayəndələrin hazırlanması haqqında Sazişi və bu qəbildən olan başqa sazişləri diqqətlə oxuyub təhlil etmişik. Çox sevindirici haldır ki, parlamentimizdə GUAM-la bağlı bütün sazişlər – GUAM-ın Nizamnaməsi və GUAM-a aid bütün sənədlər ratifikasiya olunub. Bu sənədin də vacibliyi göz qabağındadır. Bu saziş parlamentimiz tərəfindən təsdiq edildikdən sonra GUAM ölkələrinin diplomatları bu ölkələrdə staj keçməklə onlar haqqında daha geniş məlumatlara malik olacaqlar. Bu ölkələrin müvafiq tədris müəssisələrində, beynəlxalq münasibətlər fakültələrində, diplomatik akademiyalarda təhsil alanların mübadiləsi, konfransların keçirilməsi, kursların təşkil olunması bu ölkələrin bir-birinə yaxınlaşmasına xeyli kömək edəcəkdir. Ona görə bizim komissiyada bu sazişlə bağlı belə bir yekdil fikir formalaşıb ki, xüsusilə GUAM ölkələri ilə bağlanan bu kimi sazişlərin ratifikasiyası Azərbaycanın maraqlarına xidmət edir. Ona görə bu gün həmkarlarımdan xahiş edirəm ki, bu sənədin ratifikasiyasına səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.05 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi. “Demokratiya və İqtisadi İnkişaf Təşkilatı – GUAM-ın Prosedur Qaydalarının, Katibliyinin Əsasnaməsinin və Maliyyə Əsasnaməsinin təsdiq olunması haqqında qərarın təsdiq edilməsi barədə”. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli deputat Səməd Seyidov GUAM təşkilatı ilə əməkdaşlığın inkişafı barədə ətraflı məlumat verdi. Bilirsiniz ki, bu təşkilat 2006-cı ilin may ayında Kiyev şəhərində təsis edilmişdir. Milli Məclis GUAM-ın Nizamnaməsini 2006-cı ilin dekabr ayında təsdiq etmişdir. GUAM Katibliyi Əsasnaməsinin, GUAM-ın Prosedur Qaydalarının və Maliyyə Əsasnaməsinin layihələri hazırlanarkən Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının onlara dair müvafiq rəy və təklifləri GUAM-ın ekspert görüşləri zamanı sözü gedən sənədlərdə öz əksini tapmışdır. GUAM-ın Katibliyi haqqında Əsasnamə, GUAM-ın Kiyevdə yerləşəcək Katibliyinin fəaliyyəti, onun personalının təyin edilməsinin prinsip və qaydaları müəyyənləşdirilmişdir. GUAM-ın Maliyyə Əsasnaməsində onun maliyyə vəsaitlərinin idarə olunması qaydaları, onun büdcəsinə maliyyə ödəmələri, müxtəlif maliyyə daxilolmaları, daxili nəzarətə, xarici auditə və hesabat işlərinə dair məsələlər öz əksini tapmışdır.
Saziş, Əsasnamə və Prosedur Qaydaları İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmişdir. Biz bu sənədlərin vacibliyini nəzərə alaraq onların qəbul edilməsini Milli Məclisdən xahiş edirik.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz yoxdur ki? Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Ümumdünya Poçt İttifaqının “Poçt ödənişləri xidmətləri haqqında” Sazişinə qoşulmaq barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Ümumdünya Poçt İttifaqı BMT-nin ixtisaslaşmış bir orqanıdır. Azərbaycan Respublikası bu təşkilata 1992-ci ildən üzv qəbul edilmişdir. Hazırda bu ittifaqın 191 üzvü var. Ümumdünya Poçt İttifaqının konqreslərində qəbul olunmuş aktlar bu ittifaqa üzv olan hər bir ölkənin parlamentləri tərəfindən onların daxili prosedur qaydaları çərçivəsində ratifikasiya edilməlidir. Ümumdünya Poçt İttifaqının 1994-cü ildə keçirilmiş Seul konqresinin bütün aktları Milli Məclisdə 2002-ci ildə ratifikasiya edilərək ölkə Prezidenti tərəfindən imzalanmışdır. Pekin konqresində qəbul edilmiş dörd aktdan üçü Milli Məclisdə 2004-cü ilin iyul ayında ratifikasiya edilərək ölkə Prezidenti tərəfindən imzalanmışdır. Pekin konqresində qəbul edilmiş aktlardan sonuncusu isə bu gün müzakirəyə çıxarılan “Poçt ödənişləri xidmətləri haqqında” Sazişdir və onun ratifikasiya edilməsi Azərbaycan üçün vacibdir.
Bildiyiniz kimi, milli ödəniş sisteminin daha da inkişaf etdirilməsi, regionlarda, xüsusən də kənd yerlərində yaşayan əhaliyə maliyyə xidmətlərinin artırılması məqsədilə Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün dövlət proqramı hazırlanmış və təsdiq edilmişdir. Həmin proqramın ən mühüm komponentlərindən biri də poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılmasıdır. Bu məsələnin həlli məqsədilə hazırda ölkənin poçt şəbəkəsində Dünya Bankının ayırdığı güzəştli kreditlər hesabına xüsusi bir proqram həyata keçirilir. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş digər sənəddə 2005-2006-cı illərdə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının icrası üçün nəzərdə tutulan tədbirlər planında da poçt vasitəsilə bank maliyyə xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur.
Yuxarıda sadalananlar “Poçt ödənişləri xidmətləri haqqında” Sazişin Milli Məclisdə ratifikasiya edilməsinin vacib olduğunu bir daha göstərir. Onu da qeyd etmək istərdik ki, hazırda ölkəmiz bir sıra ölkələrlə sürətli elektron pul baratlarının mübadiləsi üzrə müqavilələr bağlamışdır. Bunun nəticəsində çox qısa müddətdə pul baratlarının mübadilə olunması imkanı əldə edilmişdir. Lakin bir çox ölkələr Azərbaycanın sözü gedən sazişə qoşulmaması səbəbindən ölkəmizlə bu sahədə əməkdaşlıq etmirlər. Bundan əlavə, Azərbaycan Buxarest Konqresində Ümumdünya Poçt İttifaqının üzvü seçilsə də, ölkəmizdə sazişin ratifikasiya edilməməsi səbəbindən, təəssüflər olsun ki, bu qurumun maliyyə xidmətləri üzrə təşkil etdiyi beynəlxalq tədbirlərdə səsvermə hüququndan məhrumdur. Bütün bu deyilənləri nəzərə alaraq, İqtisadi siyasət daimi komissiyası həmin sazişin təsdiq olunmasını yekdilliklə Milli Məclisdən xahiş edir.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 5-ci məsələsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. “Əmək pensiyaları haqqında” Qanun, bilirsiniz ki, bu yaxınlarda qəbul olunub və cənab Prezident tərəfindən imzalanıb. Bu qanun pensiya məsələlərini vahid şəkildə həll edib. Həmin qanunun qüvvəyə minməsi ilə bağlı çoxlu sayda qanunlara xeyli əlavə və dəyişikliklər təklif olunub.
Mənzil Məcəlləsinə redaktə xarakterli dəyişiklik təklif olunur. 34-cü maddənin birinci hissəsinin 3-cü bəndində “qocalığa” sözü “yaşa” sözü ilə əvəz edilir. Məsələ burasındadır ki, “Əmək pensiyaları haqqında” Qanunda “Əmək pensiyalarının növləri və tərkibi” adlı 5-ci maddə var və burada əmək pensiyasının növlərindən biri də yaşa görə əmək pensiyasıdır. Yəni bu gün artıq biz yaş anlayışından istifadə edirik. Ona görə də “qocalıq” sözü “yaş” sözü ilə əvəz olunur.
Amma İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər bir qədər başqa xarakterlidir. Bu qanunun 49-cu maddəsində əmək pensiyası haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyət nəzərdə tutulur. Cənab Prezident tərəfindən bu məsuliyyətin növü İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər formasında təqdim olunub. Təklif olunur ki, Məcəlləyə “Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması” adlı 52-1-ci maddə əlavə olunsun. Həmin maddədə təklif olunur ki, pensiyanın ödənilməsi haqqında qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, imtinanın səbəblərinin göstərilməməsinə və nəhayət, qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə vəzifəli şəxslər cərimə formasında inzibati məsuliyyətə cəlb edilsinlər. Gördüyünüz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən əlavə vətəndaş-məmur münasibətlərində meydana çıxa bilən bütün problemlərin qarşısının alınmasına yönəlmişdir. Ona görə cənab Sədr, hesab edirəm ki, bu iki məsələ səsə qoyulub qəbul oluna bilər.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətimizi bildirək.
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında. Hörmətli millət vəkilləri, mən görürəm ki, artıq birinci siyahıya 25 nəfər adam yazılıb. Reqlament necə olacaq? Xahiş edirəm, kim reqlamentin 5 dəqiqə olmasına razıdırsa, münasibətini bildirsin.
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 81
Əleyhinə 7
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi. Elmira xanım, çıxış üçün Sizə nə qədər vaxt lazımdır?
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
40 dəqiqə. Çalışaram bir az qısa olsun. Çünki böyük mətn artıq sizdə var. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İcazə verin, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında sayca dördüncü olan 2006-cı il üzrə məruzəni diqqətinizə təqdim edim.
Ötən il ölkəmiz üçün əlamətdar olmuşdur. Respublikamızın müstəqilliyinin 15-ci ili, Avropa Şurasına üzv olmağımızın, İnsan hüquqlarının Avropa Konvensiyasına qoşulmağımızın, həmçinin Milli Məclis tərəfindən ilk dəfə olaraq Ombudsman haqqında qanun qəbul edilməsinin 5 ili tamam olmuşdur. Dinamik sosial-iqtisadi inkişaf yolu ilə addımlayan ölkəmiz üçün bu il uğurlu irəliləyiş ili olmuşdur. Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar onun regiondakı mövqeyini daha da möhkəmləndirmiş, beynəlxalq miqyasda nüfuzunu artırmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində nailiyyətlər əldə edilmiş, özəl sektorun inkişafına, azad sahibkarlıq hüququnun təmin edilməsinə şərait yaradılmış, bir çox sənaye sahələri bərpa olunmuşdur. Ümumdaxili məhsul artımı 35 faiz təşkil etmiş, 520 min iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə endirilmişdir. Artmaqda olan büdcəmizin daha çox sosial yönümlü olması, əhalinin rifah halının yaxşılaşdırılması və ölkənin sosial tərəqqisinə istiqamətləndirilməsi də insan hüquqlarının daha etibarlı təmin olunması, müdafiəsi üçün real imkanlar yaratmışdır. Ölkə Prezidentinin verdiyi daha bir vədin nəticəsində çadır şəhərciklərində minlərlə qaçqın və məcburi köçkün ailələri xüsusi tikilmiş qəsəbələrə köçürülmüşdür.
Ötən il ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçilməsi də mühüm əhəmiyyət kəsb etmişdir. İnsan hüquqları üzrə milli fəaliyyət planı ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş, həmçinin Müvəkkilin təklifi ilə Əlaqələndirmə və Monitorinq Şurası yaranmışdır. İnsan hüquqlarının daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədi ilə Milli Məclisə qanunların qəbul edilməsinə və yenidən baxılmasına dair təkliflərimiz verilmişdir. 2007-ci il büdcəsi haqqında qanun layihəsinin müzakirəsi prosesində iştirak etmişik və bəzi təkliflərimiz qəbul olunmuşdur. Bununla yanaşı, BMT-nin İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə Konvensiyasının fakultativ protokoluna qoşulmaq və Əlilliyi olan insanların hüquqları üzrə Konvensiyanı imzalamaq təklif olunmuşdur.
Sosial təminat sisteminin təkmilləşdirilməsi. Bu sahədə zəruri islahatların tərkib hissəsi kimi əmək pensiyaları və sosial müavinətlər haqqında qanunlar qəbul olunmaqla sosial təminat sistemi formalaşmışdır. Ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən regionlarda apellyasiya və iqtisad məhkəmələrinin təşkil edilməsi, hakimlərin peşə səviyyəsinin artırılması üçün tədbirlər görülmüş, süründürməçilik hallarının və vətəndaşların qəbulu ilə bağlı olan nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, hakimlərin sayının artırılması və bu kimi digər məsələlər nəzərdə tutulmuşdur. Artıq prokurorluq orqanlarına da qulluğa qəbul test qaydasında keçirilir.
Penitensiar sahədə aparılmış kadr islahatları nəticəsində qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizamın gücləndirilməsi üzrə tədbirlər görülmüş və penitensiar müəssisələrin işinə ictimai nəzarət gücləndirilmişdir. Aşkar edilmiş ciddi maliyyə və digər qanun pozuntuları ilə bağlı bir sıra şəxs cinayət məsuliyyətinə cəlb edilərək müxtəlif cəzalara məhkum edilmiş və inzibati qaydada cəzalandırılmışdır. Ümumiyyətlə, son vaxtlar aparılmış kadr islahatlarının nəticəsində cəzaçəkmə müəssisələrində şəraitin müsbət istiqamətdə dəyişməsi müşahidə olunmaqdadır. Hüquq mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni və peşəkar kadrların seçilib yerləşdirilməsi, əməkdaşların sosial-məişət, xidmət şəraitinin yaxşılaşdırılması, məhkəmə, prokurorluq, ədliyyə və polis orqanları üçün yeni inzibati binaların, habelə Avropa standartlarına uyğun olan cəzaçəkmə müəssisələrinin və müvəqqəti saxlama təcridxanalarının tikilib istifadəyə verilməsi davam etdirilməkdədir və bu onlarda hüquqi islahatların bir tərkib hissəsidir.
Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranması, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyətə başlaması da ötən ildə ümumilikdə insan hüquqlarının təmin olunması üçün münbit şərait yaratmışdır. Şikayətçilərin vəzifəli şəxslər tərəfindən qəbul edilməsi ilə bağlı ölkə Prezidenti tapşırıqlar vermiş və bu sahədə olan nöqsanların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülmüşdür. Bu proseslərin məntiqi davamı kimi rəhbər vəzifələrə daha cavan kadrların cəlb edilməsi idarəetmənin təkmilləşməsinə xidmət etmişdir.
Dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialının inkişafı, müxtəlif xəstəliklərin, o cümlədən hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərinin, ana və uşağın sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı tədbirlər üzrə dövlət proqramları qəbul olunmuşdur. Həmçinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına aid dövlət proqramı qəbul olunmuşdur ki, bu da müvafiq insan hüquqlarının təmin olunmasına xidmət edir.
Milli İnsan hüquqları təsisatının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Azərbaycan Respublikasının müvəkkili təsisatına ən yüksək ad statusu verilmişdir ki, bu da olduqca önəmli hadisədir. Müraciət hüququnun təmin edilməsi sahəsində vəziyyətin təkmilləşməsi məqsədi ilə Azərbaycan Respublikasında mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu və onların müraciət, ərizə və şikayətlərinə vaxtında baxılması, haqlı tələblərin həll edilməsi sahəsində müsbət dəyişikliklər müşahidə olunur.
Ölkəmizin əldə etdiyi nailiyyətlərin əsas səbəblərindən biri də hər bir sahədə şəffaflıq mühitinin yaradılmasıdır. Məhz bunun nəticəsidir ki, narahatlıq doğuran problemlər aşkarlanır və onların həlli üzrə tədbirlər görülür. Belə problemlərdən insan alveri, korrupsiyaya qarşı aparılan mübarizəni, habelə həmin sahələr üzrə milli qanunvericiliyin təkmilləşməsini göstərmək olar. Milli Məclisdə ilk dəfə qadınlara qarşı zorakılıq məsələsinə dair xüsusi dinləmələr keçirilmişdir. Bu il fevralın 22-də Bakı Dövlət Universiteti ilə birgə elmi-praktik konfransın keçirilməsi dövlət qurumları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitəsi ilə müvəkkilin əməkdaşlığının təkmilləşdirilməsi və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması yollarının aşkarlanması baxımından faydalı olmuşdur.
İnsan hüquqlarının müdafiəsini, pozulmuş hüquqların bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən mövcud hüquq müdafiəsi vasitəsi ilə tamamlayan, qərarları məcburi deyil, yalnız tövsiyə xarakteri daşıyan müvəkkil bu müddət ərzində səlahiyyətlərinə uyğun tədbirlər görməklə bir çox hallarda pozulmuş insan hüquqlarının bərpasına nail olmuş və təsisatın zərurətdən yarandığını təsdiqləmişdir.
2002-ci ildə açılmış və bu ilin əvvəlinə kimi BMT-nin inkişaf proqramı tərəfindən maliyyələşdirilən Quba, Şəki, Cəlilabad regional mərkəzlərinin fəaliyyətinin davam etdirilməsi, habelə Gəncədə də belə mərkəzin açılması və onların dövlət büdcəsindən maliyyələşdirilməsi ölkə Prezidentinin müvafiq sərəncamına əsasən bu ildən mümkün olmuşdur. Mən Milli Məclisə də bu qanuna dəstək verməyə görə öz minnətdarlığımı bildirirəm. Əvvəlki illik məruzələrimdə Naxçıvanda da regional mərkəzin açılmasını təklif etmişdim. Bildiyiniz kimi, artıq orada da Müvəkkil fəaliyyət göstərir. Beynəlxalq təcrübəyə müvafiq olaraq təsisatda qaçqın və məcburi köçkünlərin, məhbusların, hərbi qulluqçuların, uşaqların, ahılların, qadınların, əlillərin hüquqları üzrə müşavirlər təyin edilmiş və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.
Fəaliyyət dövründə 25 min 760 müraciət olunmuşdur və bu il bunların sayı 7 min 500 olmuşdur. Təhlillər göstərir ki, 2005-ci illə müqayisədə 2006-cı ildə belə şikayətlərin, müraciətlərin sayı artmamışdır. Amma onların strukturunda xeyli dəyişikliklər müşahidə olunur. Belə ki, şəxsiyyət vəsiqələrinin verilməsi, müraciət hüququnun pozulması, pensiyaların düzgün hesablanmaması, habelə torpaq problemləri ilə bağlı şikayətlər nisbətən azalmışdır. Həmin problemlər fonunda məhkəmə qərarları və onların icra edilməməsi, ünvanlı sosial yardımların edilməsi, mənzil, kommunal xidmətlər, bələdiyyələrin fəaliyyəti, həmçinin illərlə yığılıb qalmış başqa problemlər üzrə şikayətlər nisbətən çoxluq təşkil etmişdir. Şikayətlər vətəndaşların müxtəlif sahələrdə üzləşdikləri bürokratik əngəllər, süründürməçilik, məmur özbaşınalığı ilə bağlıdır.
Dövlət və bələdiyyə orqanları tərəfindən bəzən vətəndaşların qəbul edilməməsi, müraciətlərin vaxtında və mahiyyəti üzrə cavablandırılmaması, verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görülməməsi insan hüquqlarının pozulması ilə nəticələnir. Təcrübə göstərir ki, mənzil istismar sahələrinin ləğv edilməsi, yaxud vəzifələrin bələdiyyələrə verilməsi, şəhər, rayon icra hakimiyyətləri nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, tibbi-sosial ekspert komissiyalarının işinin yenidən qurulması tam zəruridir.
İstər şikayətlərdə öz əksini tapmış, istərsə də baxışlar zamanı aşkar olunmuş bütün çatışmazlıqlar səlahiyyətlərimiz hüdudunda dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində araşdırılmış, bir çox hallarda pozulmuş insan hüquqları bərpa olunmuşdur. Bununla yanaşı, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması məqsədi ilə istər Bakı şəhərində, istərsə də ölkəmizin müxtəlif regionlarında silsilə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Rusiya Federasiyasında müvəqqəti məskunlaşmış soydaşlarımızın bəlli qanuna dəyişikliklər ilə bağlı problemlərinin yaranması ilə əlaqədar onların həlli yollarının araşdırılması üçün Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili, Moskva Şəhər Baş Daxili İşlər İdarəsinin, Rusiya Federasiyasının miqrasiya xidmətlərinin rəhbərləri, Xarici İşlər Nazirliyinin departament direktoru və baş şəxslərlə görüşlər, müzakirələr keçirilmişdir. Bu zaman vətəndaşlarımızın leqallaşdırılmasına yardım göstərilməsi, miqrasiya qaydalarının və müvafiq qanunvericilik aktlarının liberallaşması, qeyri-leqal miqrantlara statuslarını rəsmiləşdirmək üçün daha çox vaxt verilməsi, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətini nəzərə almaqla ölkədən inzibati qaydada çıxarmazdan əvvəl onlara xəbərdarlıq edilməsi və qanunun tələb etdiyi rəsmiləşdirmə üçün şəraitin yaradılması, deportasiya və ya ölkədən məcburi çıxarılma zamanı ölkəyə qayıtmaqla bağlı 5 illik qadağa müddətinin azaldılması təklif olunmuş və miqrantlara qarşı zorakılıq hallarının yolverilməzliyi nəzərə alınmışdır. Bu məsələlərlə bağlı Rusiyanın başqa subyektlərində, vilayətlərində olan ombudsmanlara da müraciətlər edilmişdir.
MDB respublikalarında, o cümlədən Rusiya Federasiyasında, Ukraynada, Özbəkistanda 18 yaşına çatmış vətəndaşlara pasportların verilməsində, yaxud müddəti bitmiş və ya itirilmiş pasportların yenisi ilə əvəz edilməsi sahəsində insanlar böyük çətinliklərlə üzləşirlər. Bu baxımdan Moskva, Sankt-Peterburq, Kiyev və başqa şəhərlərdəki səfirlik və konsulluqlarımızda Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşlarının fəaliyyət göstərməsi zəruridir. Bilirsiniz ki, artıq bu bəzi yerlərdə həyata keçirilir və böyük razılıq hissi ilə qarşılanır. Müxtəlif vaxtlarda soydaşlarımızla yaşadıqları yerlərdə görüşdükdən sonra onların müraciətlərini reallaşdırmaq üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Mən inanıram ki, bu tədbirlər davam etdiriləcəkdir.
İşgəncələrin və ləyaqəti alçaldan rəftarın qarşısının alınması, cəzaçəkmə müəssisələrinin istintaq təcridxanalarının, müvəqqəti saxlanma yerlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Bəzi polis orqanlarında vətəndaşlara qarşı qanunda nəzərdə tutulmayan hərəkətlərə yol verilməsi ilə bağlı və məlum olmuş hər bir hal üzrə müvafiq səlahiyyətli orqanlara müraciətlər olunmuşdur və tədbirlər görülmüşdür. Belə ki, Xızı, Lənkəran rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında, habelə Mingəçevir şəhər polis şöbəsində baş vermiş ölüm halları yerində araşdırılmış və bununla bağlı Baş prokurora və daxili işlər nazirinə təkliflər verilmiş, günahkar şəxslər cəzalandırılmışlar. Qeyd edilən hərəkətlərin tam aradan qaldırılması üçün nəzərdə tutulmuş cəzanın sərtləşdirilməsi, polis orqanlarının vəzifəli şəxslərinin öz tabeliyində olan əməkdaşlarının xidməti intizam vəziyyətinə görə məsuliyyət hissinin və tələbkarlığının artırılması zəruridir.
Ötən dövrdə Daxili İşlər Nazirliyi ilə əldə edilmiş razılığa əsasən ölkənin müxtəlif regionlarında keçirilmiş seminar müşavirələrin əsas məqsədi elə məhz polis əməkdaşlarının qanunla müəyyən edilmiş davranış və rəftar qaydalarına əməl edilməsi, zorakılıq hallarının aradan qaldırılması olmuşdur. Baxışlar zamanı 5 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasının kameralarında nəzərdə tutulduğundan artıq məhkumların saxlanıldığı, habelə açıq vərəm xəstəsi olan məhkumun digər məhkumlarla birgə saxlanması, 8 saylı cəzaçəkmə müəssisəsində isə şəraitin qənaətbəxş olmadığı, cərimə təcridxanasının binasının yararlı olmadığı, istismara yararsız olduğu haqqında Daxili İşlər Nazirliyinə məlumat verilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qobustan həbsxanasına baxışlar zamanı məhkumların saxlanılma şəraiti, qidalanması, tibbi təminatı nəzərdə saxlanılmış, Ədliyyə Nazirliyinə müraciətlərimizdən sonra burada lazımi tədbirlər görülmüş, həbsxananın rəisi Sədaqət Ağayev tutduğu vəzifədən azad edilmiş və barəsində cinayət işi başlanmışdır. Buradakı məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin vəziyyəti ilə bağlı tədbirlər davam etdirilməkdədir.
Yeri gəlmişkən, Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan məhkumları ilə görüşlər keçirmişik və Gürcüstanın xalq müdafiəçisinin köməkliyi ilə cəzaçəkmə və müalicə müəssisələrində onlarla təkbətək söhbətlər aparmışıq. Bunların bəziləri vətənə ekstradisiyasını xahiş etmişlər və bu sahədə artıq ikitərəfli yazışmalar aparılır, tədbirlər görülür.
Müraciətlərin nəticəsində ümumilikdə 170, ötən il isə 18 məhkum əfv olunmuşdur. Ümumiyyətlə, məhkum uşaqların, qadınların, ahılların əfv olunması barədə xüsusi məsələ qaldırılmışdır. Zorakılığa məruz qalan və ya cinayət törədən, habelə polis əməkdaşları tərəfindən mətbuat nümayəndələrinin iştirakı ilə gecə klubları və əxlaqsızlıq yuvalarında keçirilən reydlər zamanı saxlanılan uşaq və yeniyetmələrin aşkarlanması müsbət hal olsa da, onların adının, ünvanlarının mətbuatda verilməsi xoşagəlməz nəticələrə gətirir. Yəni bu hallar uşaqların hüquqlarının pozulmasına, onların mənəvi sarsıntılara məruz qalmasına, cinayətkar ünsürlər tərəfindən əməkdaşlığa cəlb olunmasına, özlərinə qəsd etməsinə və cəmiyyətdən təcrid olunmasına gətirib çıxara bilər. Odur ki, həmin halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinə və Mətbuat Şurasına müvafiq təkliflər göndərilmiş və tədbirlər görülmüşdür. Polis orqanlarının müvəqqəti saxlanma təcridxanalarında keçirilmiş çoxsaylı baxışlar zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciətlər edilmiş və nəticədə problem aradan qaldırılmış və günahkar əməkdaşlar cəzalandırılmışlar.
Aparatın əməkdaşlarından ibarət çevik araşdırma qrupuna ötən dövrdə qaynar xətt vasitəsi ilə vətəndaşlardan daxil olmuş məlumatlar əsasında onların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Naməlum şəxslər tərəfindən hücuma və zorakılığa məruz qalmış, xəsarət almış “Azadlıq” qəzetinin müxbiri Fikrət Hüseynlinin, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin, “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağların vəziyyəti diqqətimizdə olmuş, onlarla görüşüb həmin hadisələri törədənlərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsi və cəzalandırılması ilə bağlı Baş prokurora və daxili işlər nazirinə müraciətlər etmişik. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılması ilə bağlı göstərilən səylər də artırılmalı və cinayətkarlar öz cəzalarına çatdırılmalıdırlar. “ANS” telekanalının lisenziyası ilə bağlı məsələnin həlli ilə əlaqədar Milli Teleradio Şurasına müraciətlər olmuş və ziyalıların, ictimai təşkilatların, Müvəkkilin ölkə Prezidentinə müraciəti nəticəsində yayım bərpa edilmişdir. Aclıq aksiyası keçirən “Azadlıq” qəzetinin baş redaktoru və bu aksiyaya qoşulmuş digər jurnalistlərin səhhəti nazirlik tərəfindən nəzarətə götürülmüş və məsələnin qanun çərçivəsində həlli üçün müvafiq qurumlara təkliflər verilmişdir.
Müxtəlif vaxtlarda Aparatın əməkdaşları 1 saylı istintaq təcridxanasında saxlanılan Ruslan Bəşirli, Ramin Tağıyev, Rafiq Tağı və “Sənət” qəzetinin redaktoru Samir Hüseynovla görüşmüş, onların cinayət işi üzrə istintaqın obyektiv aparılması barədə Baş prokurora müraciət olunmuşdur. Aparatın əməkdaşları istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində Sakit Zahidovla da görüşmüş, səhhətini yoxlamışlar. Onun kamera şəraiti yaxşılaşdırılmış, qəzetlərlə təmin edilmiş, təcridxana rəhbərliyinə tövsiyələr verilmişdir.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun təkmilləşdirilməsi barədə təkliflərin müzakirəsi üzrə işçi qrupları yaradılmışdır. Venesiya Konvensiyası üzrə müzakirələrin aparılması kütləvi tədbirlər zamanı polis tərəfindən ictimai qaydanı mühafizə üzrə təcrübənin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Ötən il Milli Məclisə təkrar seçkilərə, eyni zamanda, bələdiyyə seçkilərinə hazırlıq vəziyyətinin yoxlanılması və maarifləndirmə məqsədi ilə Bakı, Gəncə şəhərlərində, Zaqatala, Gədəbəy, Tovuz, Ağdam rayonlarında regional seminarlar, müşavirələr keçirilmişdir. Biz bu seçkilərdə müstəqil müşahidəçilər kimi iştirak etdik. Aparatın 22 əməkdaşı 400-ə yaxın seçki məntəqəsində səsvermə prosesini müşahidə etdi və hər hansı nöqsanlar müşahidə olundusa, MSK-ya təcili məlumat verildi, pozuntular aradan qaldırıldı. Bu nəticələrin əldə edilməsində ölkə Prezidentinin seçki ilə bağlı məlum iki sərəncamının böyük əhəmiyyəti olmuşdur. Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı Venesiya Komissiyasının tövsiyələrinə də diqqət yetirilməsi ölkəmizdə seçki təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Vəkil xidmətlərindən səmərəli istifadə edilməsi və keyfiyyətli hüquqi yardım göstərilməsi məqsədi ilə regionlarda dövlət büdcəsindən maliyyələşdirilən xüsusi hüquq məsləhətxanalarının yaradılması da günün tələbidir. Məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçiliyə yol verilməsi ilə bağlı çoxsaylı şikayətlər alınmış, bir il ərzində 48 hakimin, həmçinin məhkəmə qərarlarının icrası üzrə rəhbər əməkdaşların cəzalandırılması da işdə dönüş yaradılmasına xidmət etmişdir.
İnsan hüquqlarının pozulmasına şərait yaradan korrupsiyaya qarşı mübarizədə ictimai təşkilatlarla, ictimaiyyətlə dövlət qurumları birgə fəaliyyət aparmaqdadırlar. İşçilərin əmək haqlarının, əmək hüquqlarının özəl sektor, o cümlədən xarici investisiyalı müəssisələr tərəfindən daha çox pozulduğu nəzərə alınaraq problemin qarşısının alınması və aradan qaldırılması məqsədi ilə ciddi nəzarət sisteminin yaradılması zəruridir.
Ünvanlı sosial yardımın təmin edilməsi üzrə mexanizmlərə yenidən baxılması məqsədəuyğundur və məsləhətləşmələrimiz nəticəsində bu istiqamətdə iş aparılır. Vətəndaşların əmanət banklarında olan əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsi zəruridir. Bununla bağlı müraciətlər kifayət qədərdir. Torpaqların və daş karxanalarının düzgün istismar edilməməsi səbəbindən bu prosesə nəzarət lazımdır. Ətraf kəndlərin, qəsəbələrin əhalisinin sağlam ətraf mühitdə yaşamaq hüququ pozulmaqdadır.
Problemlərdən biri də narkotik vasitələrin qəbul edilməsi və QİÇS-lə mübarizədir. Ötən il bu sahədə böyük kampaniya – bütün kənd rayonlarının, regionların əhalisini, ictimaiyyəti cəlb etməklə seminarlar keçirdik. Eyni zamanda, vərəmlə mübarizə də təxirəsalınmaz tədbirlər görülməsini və xüsusi proqramın qəbul edilməsini tələb edir.
Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsinin təhsil hüququnun bərpasında köməklik göstərilməsi də bu gün aktual məsələlərdən biridir. Ümumiyyətlə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar qəbul aparan təhsil müəssisələri ilə bağlı səlahiyyətli dövlət qurumları tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. İpoteka kreditləri xeyli yüngülləşsə də, hər bir kəs üçün əlçatan deyil.
Digər ciddi problem isə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlərlə yanaşı, zəbt edilmiş xüsusi mülkiyyətdə olan tikililərin, habelə ev və mənzillərin qanuni sahiblərinə qaytarılması, onların pozulmuş hüquqlarının bərpasıdır. Qeyd edilənlərlə yanaşı, yeni Mənzil Məcəlləsinin qəbul edilməsinə də kəskin ehtiyac duyulur. Bir sıra bələdiyyələr, onların fonduna aid olan və olmayan torpaqları vətəndaşlara satmaqla bu insanlar üçün böyük problemlər yaradırlar.
Yeri gəlmişkən, BMT-nin Uşaq Hüquqları Komitəsinə dövlətimizin axırıncı hesabatından sonra təsisatımıza uşaq hüquqlarına dair struktur bölməsinin yaradılması tövsiyə edilmişdir. YUNİSEF-in dəstəyi ilə artıq belə vahid yaranmışdır və fəaliyyət göstərir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, himayəçiliyə götürülmüş uşaqların ödənilən aylıq müavinətinin məbləği onların minimal ehtiyaclarını ödəmək həcminə qədər artırılmalıdır. Keçən il bu istiqamətdə tədbirlər görülsə də, bu həmin rəqəmdən hələ də olduqca uzaq bir rəqəmdir. Bundan başqa, uşaq evlərindən və internatlardan himayəçiliyə uşaq götürən şəxslərə də müavinətlər verilməlidir.
Hərbi qulluq zamanı nizamnamədən kənar münasibətlərin qarşısının alınması və intizamın gücləndirilməsi, əsgərlərə ayrılan ərzaq payının tam və keyfiyyətli şəkildə onlara çatdırılması məqsədi ilə orduda xidmətə ictimai nəzarətin tətbiq olunması önəmlidir. Bununla yanaşı, hərbi qulluqçulara əşya əmlakı üzrə kompensasiyalar üzrə borclar da ödənilməlidir.
Ötən il xarici ölkələrə səfərlərimiz zamanı soydaşlarımızla görüşlər keçirmiş, onların problemlərini öyrənmiş və bunların həllinə çalışmışıq. Onlara Azərbaycan qaçqınlarının vəziyyətinə dair sənədlər, Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar, Xocalı soyqırımını əks etdirən disklər təqdim edilmişdir. Ukraynanın televiziya işçiləri, 5-ci kanal jurnalistləri Bakıda olub, Xocalı haqqında böyük yeni film çəkmişlər. Bu film Kiyevdə Ukrayna dilində göstərilmişdir.
Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı ilə bağlı bəyanatlar BMT-nin Baş katibinə, insan hüquqları, habelə qaçqınlar üzrə Baş komissara, Avropa Birliyinə, Avropa Şurasına, ATƏT-ə, beynəlxalq və...
Sədrlik edən. Elmira xanım, xahiş edirəm, çıxışınızı yekunlaşdırasınız.
E. Süleymanova. Bir dəqiqəyə yekunlaşdırıram. Yeri gəlmişkən, ötən dövrdə Ramil Səfərovun işi ilə də bağlı Macarıstan ombudsmanı və diasporumuzla əlaqələr saxlanılmışdır.
Bildirmək istərdim ki, insan hüquqları üzrə milli fəaliyyət planının qəbul olunması ötən ilin ən mühüm hadisələrindəndir. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri ilə geniş məsləhətləşmələr aparır və inanırıq ki, ümumi səylərimiz nəticəsində milli fəaliyyət planının həyata keçirilməsi insan hüquqlarının təmin olunmasında bizə böyük imkanlar yaradacaqdır. Ümidvaram ki, mənə ünvanlanmış suallara cavabımda fəaliyyətimlə bağlı digər məqamları da nəzərinizə çatdırmaq imkanım olacaq. Təsisatın 5 ilinin tamam olduğu bu ildə insan hüquqlarının daha səmərəli müdafiəsi naminə hamınızı və hər birinizi sıx əməkdaşlığa dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələrə başlayırıq. Deyəsən, iki millət vəkilinin sualı var. Sual verirsiniz? Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Elmira xanım, ətraflı məruzə üçün çox sağ olun. Əvvəlcədən deyim ki, mən bu məruzənin lehinə səs verəcəyəm. Məruzənin 24-cü səhifəsində deyilir ki, Bakı şəhərində boş mənzillər məcburi köçkünlər tərəfindən zəbt olunub. Zəbt olunma sözü bir az kəskin çıxır. Bu məruzə, yəqin, ingilis dilinə tərcümə olunacaq, ingilis dilində də zəbt olunma aqressiya deməkdir. Məcburi köçkün özü zəbtə məruz qalıb. O necə aqressor ola bilər? Olarmı bu sözü ekvivalent bir sözlə, müvəqqəti məskunlaşma sözü ilə əvəz edək?
Məruzənin 27-ci səhifəsində deyilir: “Macarıstanda erməni zabitini öldürməkdə təqsirləndirilən azərbaycanlı hərbi qulluqçu Ramil Səfərovla bağlı proseslər Müvəkkilin diqqətində olmuşdur”. Bu bir az amorf anlayışdır. Bəlkə onu bir az açıqlayasınız. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira xanım, Siz əyləşin. Suallar çox olacaq. Sonra cavab verərsiniz. Səfər Məmmədov. Sualı sual kimi verin.
S. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Əvvəlcədən bildirim ki, məruzəni iki dəfə oxumuşam. Məruzəyə heç bir etirazım yoxdur, bunun lehinə səs verəcəyəm. Ancaq Elmira xanıma iki sualım var.
Mən bu məruzəni oxuyarkən çox axtardım ki, görüm burada regional mərkəzlərin fəaliyyəti barədə bir şey var, yoxsa yoxdur, heç nəyə rast gəlmədim. Nə üçün bu regional mərkəzlərin fəaliyyəti burada işıqlandırılmayıb?
İkinci sualım şəxsi sualdır. Regional mərkəzlər hansı meyarlar əsasında yaradılır və necə yaradılır? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma onu deyim ki, Sizin verdiyiniz ikinci sualla bağlı məsələyə biz Milli Məclisdə baxmışdıq. Keçirik müzakirələrə. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2006-cı ildə ölkəmizdə insan hüquqları sahəsində ən azı normativ baxımdan çox ciddi tədbirlər həyata keçirilibdir. Onlardan biri də ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq olunmasıdır. Bu fəaliyyət planında, əsasən, ombudsman tərəfindən verilən əksər təkliflərin nəzərə alınması göstərir ki, həqiqətən, bu istiqamətdə müəyyən çalışmalar mövcuddur. Düzdür, indi insan haqlarının vəziyyəti ilə bağlı nöqsanlar da kifayət qədər çoxdur. Amma bu sahədə nöqsanların ortadan qaldırılması üçün müəyyən işlər gedir.
Ötən hesabat zamanı mən hörmətli ombudsmanın məruzəsini çox kəskin tənqid eləmişdim. Bu məruzənin, bu hesabatın strukturu, forması ötən tənqidin bir çox müddəalarını, bir çox cəhətlərini nəzərə alaraq hazırlanıb və o, Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlar sisteminə uyğun şəkildə tərtib olunubdur. Mən hesab edirəm ki, omdubsmanın 2006-cı ildəki fəaliyyəti əvvəlki illərdən daha fəal olubdur. Mən bunu müsbət bir hadisə kimi qeyd edirəm. Çünki heç bir siyasi baxışına, siyasi mənsubiyyətinə baxmadan istənilən aclıq eləyənin, istənilən problemi olan, hüququ pozulan vətəndaşın, qəzetçinin yanında, hər yerdə ombudsmanın fəaliyyəti hiss olunubdur. Yəni dövlətin artıq bir məmuru kimi yox, həqiqətən, insan haqlarını qorumağa çalışan bir müvəkkil kimi gedib və öz mövqeyin bildirib. ANS bağlananda da öz mövqeyini bildirib.
Ombudsman xüsusilə məhkəmələrlə bağlı çox cəsarətli bir gerçəyi öz hesabatında qeyd eləyibdir. Məhkəmələrə edilən müraciətə verilən cavaba mən istəyirəm hamınız diqqət edəsiniz. Yazılır ki, məhkəmələrin icrasında olan işlər üzrə şikayətlərin məhkəmə rəhbərliyi tərəfindən nəzarətə götürülməsi və məhkəmələrdə işə baxılmasının nəticələri haqqında cavab tələb olunması hakimlərin müstəqillik prinsipinə uyğun deyildir. Hakimlər qərar qəbul eləyəndə müstəqildirlər. Bu nə deməkdir? Hakimlər bu gün Azərbaycan məhkəmə sistemini elə bir vəziyyətə gətirib çıxarıblar ki, bura deputatlar müdaxilə eləyə bilmirlər. Məndə olan məlumata görə, hətta Milli Məclisin də rəhbərliyinə belə bir məktub daxil olubdur. Yəni artıq millət vəkilləri məhkəmədən heç nə soruşmasınlar, biz istədiyimiz qanunsuzluğa yol verəcəyik, istənilən hüququ pozacağıq. Yeganə məhkəmə sistemidir ki, birinci instansiya bir qərar, ikinci instansiya digər qərar, apellyasiya bir qərar, Ali Məhkəmə başqa bir qərar çıxarır. Bu, görünməmiş bir şeydir. Hüquq norması birdir. Necə ola bilər ki, hər hakim bunu tamam fərqli bir prinsiplə tətbiq eləsin? Ona görə də hesab edirəm ki, bu müddəaların burada cəsarətlə verilməsi olduqca vacibdir. Ombudsmanın müraciətinə cavab verilməməsi burada çox ciddi tənqidlə qarşılanmalı və hesab edirəm ki, buna ciddi münasibət bildirilməlidir. Çünki bu, sabah deputatların da başına gələ bilər.
Hesab edirəm ki, biz ombudsman aparati ilə deputatların fəaliyyətinin əlaqələndirilməsi məsələsinə ciddi diqqət yetirməliyik. Çünki insan haqlarının pozulması ilə bağlı ən çox şikayətlər millət vəkillərinə daxil olur. Ona görə də elə bir çevik əlaqə mexanizmi olmalıdır ki, biz, eyni zamanda, hər hansı bir orqanın üzərinə bu məsələ ilə bağlı gedə bilək.
Digər bir vacib məsələ. Burada məni narazı salan məsələlərdən biri siyahının olmamasıdır. Ombudsman onsuz da inzibati təsir tədbiri görə bilməz. Burada mənəvi qınaq üçün mütləq siyahılar verilməlidir. Korrupsiyada kimləri ombudsman qınağa götürüb? Deyək ki, başqa sahələrdə nöqsanlara, insan haqlarının pozulmasına görə kimləri qınağa götürüb? Bunlar burada öz əksini tapmalıdır ki, gələcəkdə əlavə kimi bu siyahı olsun.
Bu hesabatın tənqidinə gəlincə, mən tənqiddən imtina eləyirəm. Çünki qarşıdan 8 mart Beynəlxalq qadınlar bayramı gəlir. Mən bizim ombudsman Elmira xanımı təbrik edir və 8 mart ərəfəsində onun əhval-ruhiyyəsini korlamaqdan imtina eləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar! Hörmətli Elmira xanım burada geniş məruzə etdi, ombudsmanin 2006-cı il üzrə məruzəsinin qısa icmalı da bizə təqdim edilibdir. Həm Elmira xanımın çıxışına, həm də məruzəyə diqqət yetirdikdə biz ombudsmanın ötən il xeyli işlər gördüyünü və insan haqlarının qorunması istiqamətində ciddi irəliləyişlərə nail olduğunu görə bilərik.
Ombudsman təsisatı Azərbaycanda yeni bir təsisatdır. Müstəqilliyimizin əldə edilməsindən, ən əsası isə ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan haqlarının qorunması istiqamətində çox ciddi və əhəmiyyətli addımlar atılıbdır. Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub, eyni zamanda, Azərbaycan parlamenti insan haqlarının qorunması istiqamətində çoxsaylı qanunlar qəbul edib, Azərbaycan Prezidenti əhəmiyyətli sərəncamlar, fərmanlar veribdir.
Azərbaycan beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda insan haqlarının qorunması ilə bağlı tədbirlərə qatılır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan BMT-də bu yöndə aparıcı dövlətlərin sırasındadır. İnsan haqları universal xarakter daşıyır. İnsan haqları içərisində ən mühüm haqq yaşamaq haqqıdır, yaşamaq haqqının təmin edilməsi isə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlıdır. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar insan haqlarının digər sahələrinə də təsir göstərir və bu sahələrdə də bizim uğur əldə eləməyimizə gətirib çıxarır.
Ombudsman təsisatının inkişafı istiqamətində parlament də çox funksiyanı yerinə yetiribdir. Ötən il Konstitusiya Qanunu qəbul olunmuş və Naxçıvan Muxtar Respublikası üçün ayrıca ombudsman təsisatı yaradılmışdır. Bu çox əhəmiyyətli bir məsələdir. Eyni zamanda, ölkənin üç bölgəsində – Qubada, Şəkidə, Cəlilabadda yerli ombudsman qurumları yaradılıbdır. Bu da çox ciddi məsələdir və bu cür addımların atılması ombudsman təsisatının daha çox əhali ilə təmas qurmasına müsbət təsir göstərir.
Şikayətlərin xarakteri haqqında burada ümumiləşdirmələr aparılıbdır. Bu ümumiləşdirmələr də göstərir ki, bu gün ombudsman təsisatına insanların şikayətlərinin də istiqaməti və xarakteri dəyişməkdədir. Yəni əvvəlki illərlə müqayisədə biz şikayətlərin azalmasını müşahidə etməkdəyik. Digər tərəfdən bu şikayətlərin xarakterində ən çox bürokratik əngəllərlə bağlı müraciətlərə üstünlük verilibdir. Yəni ombudsman təsisatının özünə yanaşmada da cəmiyyətdə aydınlıq yaranıb, ona münasibət dəyişibdir. Artıq hamı bilir ki, ombudsman təsisatı məhkəmə orqanı deyildir. Avropa İnstitutunun qəbul etdiyi qərarlar icbari xarakter daşımır. Bu, həqiqətən də, qınaq xarakteri daşıyır. İctimai rəyə bu məsələni çatdırmaq çox əhəmiyyətlidir.
Mən hesabatla tanış olanda ombudsmanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirdim. Bu sahədə, həqiqətən, ciddi addımlar atılıb. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tədbirində mən Elmira xanımla birgə iştirak eləmişəm. Azərbaycanda insan haqları ilə əlaqədar onun orada söylədiyi fikirlər bir daha göstərirdi ki, bu sahədə biz Qara dəniz Əməkdaşlığı Təşkilatında öncül yerlərdən birini tuturuq. Hesab edirəm ki, biz bu məlumatı qəbul və təsdiq eləməli və ombudsman institutuna, onun rəhbərliyinə uğurlar arzulamalıyıq. Parlamentimizdə insan haqları ilə bağlı hansı qanunlar lazımdırsa, onları vaxtında qəbul etməyə, məncə, hazırıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Azərbaycanda ombudsman təsisatı artıq 5 ildir fəaliyyət göstərir. Dördüncü dəfədir, biz ombudsmanın parlamentdə hesabatını dinləyirik. Deputatlardan bir qisminin bu hesabatların hər birini dinləmək imkanı olub. Onu deyim ki, biz bu hesabatların keyfiyyətinin ildən-ilə artdığının şahidi oluruq. Keyfiyyəti mən nədə görürəm? İlk dövrlərdə, sadəcə olaraq, görülən işlər sadalanırdı. İndi isə görülən işlərin keyfiyyətinə daha çox fikir verilir. İnsan hüquqlarının qorunması istiqamətində Azərbaycanda gedən proseslərə müstəqil, yeni bir mövqedən, ombudsman mövqeyindən baxılır və bunlara qiymət verilir. Mən deyərdim ki, Azərbaycanda insan hüquqlarının qorunmasının səviyyəsini ombudsmanın illik hesabatları ilə ölçmək mümkündür. Heç də təsadüfi deyil ki, hesabatda biz tez-tez hörmətli Elmira xanımın bu və ya digər istiqamətlərdə gördüyü işləri xarakterizə etmək üçün konkret faktları sadaladığını görürük.
Mən bir cəhətə fikir verməyinizi xahiş edərdim. Elmira xanım bildirir ki, filan məsələ üzrə müraciət etmiş və həmin məsələ həll edilmişdir, yəni insan hüquqlarının qorunması istiqamətində insan hüquqları üzrə Müvəkkilin Azərbaycan hökuməti ilə istəkləri üst-üstə düşür və insan hüquqlarının qorunması istiqamətində bu iki vacib təsisat birlikdə fəaliyyət göstərirlər. Əlbəttə, insan hüquqlarının qorunması istiqamətində Azərbaycan hökuməti bu illərdə çox böyük işlər görmüşdür. Konstitusiyada dəyişiklik baş verib. Hökumət bir sıra konvensiya və sazişlərə qoşulub. Ən əsası, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar iş yerlərinin sayı, o cümlədən maaşlar və müavinətlər artıb. Bu isə, əlbəttə, insanların problemlərinin həllinə ciddi surətdə təsir etməyə başlamışdır.
Qeyd edim ki, ombudsman institutu bu gün Azərbaycanda çox böyük nüfuza malik olan bir təsisata çevrilmişdir. Burada hörmətli Elmira xanımın da böyük əməyi var. Mən Elmira xanımı çoxdan tanıyıram. 1990-cı illərdə Qadın və İnkişaf Mərkəzi adlı qeyri-hökumət təşkilatına rəhbərlik edirdi. Həmin dövrdə də özünün fəallığı, vətənpərvərliyi ilə tanınırdı. Təsadüfi deyil ki, Elmira xanım bu gün öz vəzifələrinə məmur kimi yox, vətəndaş kimi yanaşır. Bir çox məsələlərdə onun fərdi müstəqilliyi, vətəndaş müstəqilliyi hiss edilməkdədir. Elə hallar da olur ki, Elmira xanımın hansısa fakta, hansısa məsələyə mövqeyi rəsmi mövqe ilə üst-üstə düşmür. Hətta rəsmi strukturlar hər hansı məsələdə mövqeyini qəti şəkildə bildirəndə belə Elmira xanım öz müstəqil mövqeyində qalmaqda davam edir. Bu onu göstərir ki, biz birinci ombudsmanı – Elmira xanımı seçməkdə heç də səhv etməmişik.
Bu gün ombudsmanın fəaliyyətində tək daxili siyasət deyil, xarici siyasət də böyük yer tutur. Beynəlxalq əlaqələrin genişləndirilməsində, Azərbaycana bir çox ölkələrin ombudsmanlarının dəvət edilməsində, onlara Azərbaycan həqiqətlərinin çatdırılmasında ombudsman təsisatının çox böyük yeri vardır. Mən buna görə də Elmira xanıma və onun aparatına minnətdarlığımı bildirirəm. Biz ombudsmanımızın daha fəal olmasında, bu təsisatın daha nüfuzlu, daha çox və daha böyük işlər görməsində maraqlıyıq. Mən də təbriklərə qoşularaq hörmətli Elmira xanımı və ombudsman aparatında işləyən qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Hesab edirəm ki, bu gün ombudsman institutunun uğurlu fəaliyyətində, ilk növbədə, ilk ombudsmanımızın qadın olmasının çox böyük rolu olmuşdur.
Bununla belə, mən burada bir neçə sual və təklifimi səsləndirmək istərdim. Birincisi, istərdim soruşam ki, Elmira xanım ayrı-ayrı istiqamətlər üzrə ombudsman fəaliyyətinə necə baxır. Uşaq hüquqları üzrə, hərbçilərin hüquqları üzrə, gənclərin hüquqları üzrə və sair. Mən demirəm, bunlar ayrıca, tamam müstəqil bir ombudsman olsun. Qoy onlar da ombudsman institutu tərkibində respublika ombudsmanına tabe olsun. Bu sahədə işlər hansı istiqamətdə gedir? İkincisi, bir müddət əvvəl biz respublikanın ombudsman təsisatı tərkibində Naxçıvan Muxtar Respublikasında bir ombudsman təsisatı yaratdıq. Mən bilmək istərdim ki, o təsisatın fəaliyyəti hansı istiqamətdədir və burada hansı uğurlar əldə edilmişdir. Üçüncüsü, mən çox istərdim bilim ki, regional ombudsman mərkəzlərinin fəaliyyəti nədən ibarətdir və bu toplanmış təcrübə hansı nəticələrdən xəbər verir. Dördüncüsü, mən çox istərdim ki, hörmətli ombudsmanımız respublikamızın hər bir rayonunda olub orada vətəndaşların açıq qəbulunu keçirəydi.
Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan ombudsman təsisatı özünü doğrultmuşdur. Bu təsisatın güclü və nüfuzlu olması üçün öz üzərinə düşən vəzifələri...
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Çıxışımın əvvəlində mən də hörmətli Elmira xanımın ünvanına səslənən təbriklərə qoşulur, keçən ilə nisbətən onun aparatının işində və məruzənin hazırlanmasında olan irəliləyişləri qeyd edirəm. Amma Azərbaycanda insan hüquqları sahəsində heç bir müsbət irəliləyişin olmadığı, bir sıra sahələrdə isə geriləmələrin olduğu qənaətindəyəm. Çalışacağam bunu konkret müddəalarla təsdiqləyim.
Siyasi hüquqların müdafiəsi sahəsində vəziyyət buna nümunə ola bilər. Sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək, öz ölkəsindən maneəsiz olaraq getmək və ölkəyə qayıtmaq sahəsində insanların hüquqları bir sıra siyasi motivlər üzündən ciddi şəkildə pozulur. Konkret olaraq mən hamının bildiyi fakta müraciət eləmək istəyirəm. Xalq Cəbhəsi Partiyasının sədri, iki dəfə millət vəkili seçilmiş, diplomatik pasporta malik olmuş Əli Kərimliyə pasport verilmir. Ona görə verilmir ki, ölkədən gedə bilməsin.
Ciddi narahatlıq doğuran daha bir məsələ söz və mətbuat azadlığına aiddir. Mən hörmətli Elmira xanımın məruzəsində sadalanan faktlara bir əlavə etmək istəyirəm. Nədənsə məruzədə bu öz əksini tapmayıb. Məhz 2006-cı ildə bütün Qafqazda lider agentliklərdən biri olan Turan İnformasiya Agentliyi və Azərbaycanda demokratik müxalifətin ilkini olan “Azadlıq” qəzeti öz qərargahlarından zorla çıxarıldılar. Mən bunun şahidiyəm. Yeri gəlmişkən deyim ki, mətbuatda gedən məlumata görə hazırda bir neçə milyon dəyəri olan “Azadlıq” qəzetinin qərargahının 54 minə guya özəlləşdirilməyə çıxarılması haqqında məlumatın getməsi bunun nə qədər siyasi xarakterli məsələ olmasına əlavə bir sübutdur.
İllik məruzədə insan hüquqlarını pozan bir nəfər də vəzifəli şəxsin adı çəkilmir. Mən bunu məruzənin ciddi bir qüsuru və nöqsanı kimi dəyərləndirirəm.
Burada məhkəmə sistemi barədə yazılanlar məni qane etmir. “Məhkəmə sisteminin təkmilləşdirilməsi, insan hüquqlarının daha səmərəli müdafiəsi üçün müasir mexanizmlərin yaradılması prosesi son üç ildə də müsbət dəyişikliklərə uğramışdır” müddəası ilə heç cür razılaşmaq olmur. Mən təkcə bir fakt gətirim. İki millət vəkili, mən özüm və Cəmil müəllim 5 aydır ki, Baş prokuror Zakir Qaralovun bizim şərəf və ləyaqətimizi təhqir etməsi haqqında mülki qaydada verdiyimiz ərizəni məhkəmədə baxılmaq üçün icraata qəbul etdirə bilmirik. Təkrar edirəm, 5 aydır bunu hətta icraata qəbul etdirə bilmirik. Siz təsəvvür edin ki, digərlərinin halı və vəziyyəti necədir. Məhkəmələrdə dəhşətli süründürməçilikdir. Azərbaycanda insanların məhkəməyə inamı ciddi şəkildə sarsılmışdır və məncə, bu sahəyə də diqqət güclənməlidir.
2006-cı ildə insanların sosial-iqtisadi hüquqlarına hamımızın hər dəfə toxunduğumuz qiymət artımı məsələsi ciddi zərbə vurmuşdur. Bu bəzilərinin burada dediyi kimi, iqtisadi islahat və yaxud insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşması və ya pisləşməsi məsələsi deyildir. Bu, ciddi, insan hüququ məsələsidir, çünki bir çox insanlarımız yaşam uğrunda mübarizə ilə üz-üzə qalmışlar və hazırda da bu vəziyyət çətinləşməkdədir. Mən sizə deyim ki, həmin o islahat deyilən məsələ 2005-2006-cı illərdə bu sahədə olan müsbət irəliləyişlərin üzərindən də qara xətt çəkmişdir və hörmətli ombudsman bu məsələyə də insan hüquqları baxımından diqqət yetirməlidir.
Sonda bir məsələyə də diqqəti çəkərək sözümü yekunlaşdırmaq istəyirəm. Əlbəttə, insan hüquqları birdən-birə ideal vəziyyətə çatdırıla bilməz. Amma bütün bunların arxasında, hesab edirəm ki, siyasi səbəblər vardır. Hörmətli Nəsib bəy tərəfindən Milli Məclisin Sədri hörmətli Oqtay müəllimə təqdim olunan siyahı üzrə 40-dan çox insanın əmək hüquqlarının bərpa olunmamasını da mən bura əlavə etmək istəyirəm. Növbəti ildə...
Sədrlik edən. Nəsib bəyə o siyahı ilə bağlı cavab göndərmişik. O, qane eləmirsə, gəlin bir də cavab verək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yerinizdən danışmayın. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli Elmira xanım! Məruzə ilə bağlı mən də öz fikirlərimi bildirmək istəyirəm. Əvvəla, məruzənin giriş hissəsində Elmira xanım keçənilki hesabatda olduğu kimi, müəyyən mənada yenə öz səlahiyyətlərinin azlığından şikayətlənir, bildirir ki, onun təsir imkanları məhduddur. Amma bu məhdud imkanlar çərçivəsində müəyyən işlər barədə də məlumat verilir. Ədalət naminə qeyd eləmək lazımdır ki, Azərbaycanda ombudsman institutu, həqiqətən, özünü təsdiq eləyir və Elmira xanımın rəhbərlik elədiyi bu qurum kifayət qədər işlər görür.
Mən bəzi məsələlərə tənqidi fikrimi bildirmək istəyirəm. Həmkarım Fazil bəydən fərqli olaraq, hesab edirəm ki, 8 mart Qadınlar günü bizim bu cür əhəmiyyətli məsələyə münasibət bildirməyimizə mane olmamalıdır. Mən də Elmira xanımı və bütün xanımlarımızı bu bayram münasibətilə ürəkdən təbrik edir, onlara can sağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.
“Ombudsman haqqında” Konstitusiya Qanununun 13.2.1-ci maddəsində qeyd olunur ki, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına müraciət edə bilər. Yəni bu normadan da göründüyü kimi, Müvəkkilin tələbləri həyata keçirilməlidir. Qanunun 14-cü maddəsində isə bir tələb kimi qoyulur ki, illik məruzədə insan haqları ilə bağlı qanun pozuntularına yol vermiş bütün vəzifəli şəxslərin adları sadalanmalıdır. Məndən öncə də qeyd olundu, çox təəssüf ki, məruzədə bir çox hallarda bu tələb yerinə yetirilmir. Bəzi hallarda, əlbəttə, mənzil istismar sahələrinin müdirləri, məktəb direktorları kimi vəzifəli şəxslərin adları çəkilir. Amma vəzifəli şəxslərin adları ilə bağlı məsələ bundan yuxarı səviyyəyə qalxmır. Halbuki, ümumiyyətlə, bizim effektli qərarlar qəbul eləməyimiz üçün, ombudsman institutunun öz qarşısına qoyulan vəzifələri yerinə yetirməsi üçün məhz vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin adları çəkilməli və onlar barədə tədbirlər görülməsi üçün müvafiq orqanlara müraciət edilməlidir. Yuxarı orqanlar bunu yerinə yetirmədikdə ombudsmana şans verilir ki, Milli Məclisdə şəxsən bu məsələləri qaldırsın, desin ki, onun yuxarı orqanlara etdiyi müraciətlər cavabsız qalır və bu qanun pozuntuları aradan qaldırılmayıb. Mən əminəm ki, belə olarsa və bir neçə vəzifəli şəxs ciddi formada cəzalandırılarsa, növbəti dəfə ombudsmanın müraciətlərinə bütün vəzifəli şəxslər hörmətlə yanaşacaq, vaxtında cavab verəcək və bu pozuntular aradan qaldırılacaq.
Məruzədə məsələ qaldırılır, deyilir ki, “…vətəndaşlarla ləyaqətsiz hərəkətlərinə görə daxili işlər orqanlarından çıxarılan Gəncə Şəhər Polis İdarəsinin keçmiş əməkdaşı Koroğlu Qasımovun məhkəmə tərəfindən 16.500 manat məbləğində cəriməyə məhkum edilməsi böyük təəssüf doğurur”. Amma onun barəsində belə yumşaq qərar qəbul eləyən hakimin adı orada göstərilmir. Halbuki bu göstərilməli idi ki, növbəti dəfə parlamentdə məhz bu hakimlərin seçilib yerləşdirilməsi zamanı Milli Məclis üzvləri də öz mövqelərini ortaya qoya bilsinlər, onları o vəzifəyə təyin eləyən vəzifəli şəxslər müvafiq qərarlar qəbul eləyə bilsinlər.
Məruzədən də göründüyü kimi, ölkədə ən biabırçı vəziyyət məhkəmə sistemindədir. Məruzədən bir hissəni oxuyuram, görün ombudsmanın müraciətinə necə cavab verilir: “Müvəkkil qeyd edilənləri nəzərə alaraq, cavabları iki aydan beş aya kimi gecikdirilmiş 8 sorğunun vaxtında cavablandırılması ilə bağlı Ali Məhkəməyə ünvanladığı məktubuna həmin məhkəmənin cavabında göstərilmiş “Məhkəmələrin icraatında olan işlər üzrə şikayət və müraciətlərin nəzarətə götürülməsi və məhkəmələrdən işə baxılmasının nəticələri haqqında cavab tələb olunması hakimlərin müstəqillik prinsipinə uyğun deyildir” kimi iradı ən azı anlaşılmazdır”. Bəli, bu nə qədər anlaşılmazdırsa, Elmira xanım, Sizə bu cür cavab vermiş vəzifəli şəxsin adının məruzəyə salınmaması da bir o qədər anlaşılmazdır. Biz bilməliyik ki, bu adamlar, səlahiyyət həddini bu qədər aşan şəxslər kimdir ki, ombudsmanın sorğusuna cavab vermirlər, axırda da deyirlər ki, sizin heç səlahiyyətiniz yoxdur ki, bu məsələlərlə maraqlanasınız, yaxud bizdən nə isə soruşasınız.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, hörmətli iştirakçılar! Bu gün, doğrudan da, çox aktual məsələni müzakirə edirik. Təcrübə göstərir ki, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunda ombudsman təsisatının özünəməxsus yeri vardır. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun son məqsədi ölkədə vətəndaş cəmiyyəti qurmaqdır. Vətəndaş cəmiyyətinin əsas meyarı isə, mən deyərdim ki, ölkədə vətəndaşların hüquq və azadlıqlarının necə qorunmasıdır. Bu baxımdan ombudsmanın hesabatı bu gün olduqca aktualdır. İnsan hüquqları və azadlıqları bütün ölkələrdə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri tərəfindən qorunur. Ancaq inkişaf etmiş dövlətlərdə bu məsələlər, eyni zamanda, ombudsman fəaliyyəti ilə öz həllini tapa bilir. Mən vaxtdan səmərəli istifadə etmək məqsədilə qısaca onu deyə bilərəm ki, bu gün bu məsələ ölkədə lazımi səviyyədə qoyulmuşdur və ombudsman Elmira xanım tərəfindən layiqincə yerinə yetirilir.
Bu yaxınlaradək mən düşünürdüm ki, görəsən, 5 ildə ombudsman təsisatı Azərbaycanın həyatında möhkəm yer tuta bilibmi. Bu, hamımızı düşündürürdü. Ona görə də Elmira xanım Bakı Dövlət Universitetində bu mövzuda bir konfrans keçirməyi və beş illik ombudsman fəaliyyəti barədə hesabat verməyi təklif edəndə bu bizim də ürəyimizdən oldu. Bütün istiqamətlər üzrə bir neçə seksiyada 150-yə yaxın məruzə dinlənildi. Bu konfransda hörmətli millət vəkilləri də iştirak etdilər. Bəli, bu gün artıq əminliklə söyləmək olar ki, 5 il bundan qabaq bu təsisat haqqında ilk düşüncələrimiz olduğu halda bu gün artıq bu bir instituta çevrilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində onun tərəfindən əhəmiyyətli işlər görülüb.
Məruzə özlüyündə çox zəngindir. Amma mən də bəzi çıxışlara qoşularaq demək istəyirəm ki, bu məruzəni, doğrudan da, bir az başqa cür qurmaq olardı. Mən də çox istərdim bilim ki, bu beş ildə Müvəkkilin ünvanına daxil olmuş 27 min 760 şikayətin ağırlıq mərkəzi məmurların, yoxsa məhkəmə hakimiyyətinin və yaxud hüquq mühafizə orqanlarının üzərindədir. Bunları təhlil edib, gələcəkdə hüquq mühafizə orqanlarının hesabatını dinləyərək müəyyən məsələlərə qiymət vermək, ombudsmanın fəaliyyəti ilə məhkəmə hakimiyyəti fəaliyyəti arasında müəyyən balans qurmaq mümkündür. Bu baxımdan mən əminəm ki, gələcəkdə hesabatlar bu istiqamətdə veriləcək.
Amma bütövlükdə mən Elmira xanımın hesabatını yüksək qiymətləndirirəm. Hərdən düşünürəm ki, görəsən, ombudsman fəaliyyətini Elmira xanımdan başqa ikinci kim belə yaxşı apara bilərdi. Harada problem yaranır, Elmira xanım oradadır. Bakı Dövlət Universitetində olan bir neçə problemlə də əlaqədar Elmira xanımla üz-üzə gəlmişik. O həmişə güclü vətəndaşlıq mövqeyində durur. Mən Elmira xanıma bizim ölkədə ombudsman institutunun möhkəmləndirilməsi sahəsində fəaliyyətində uğurlar arzu edirəm. Hörmətli həmkarlarımı bu hesabata səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli millət vəkilləri! Bu gün insan hüquqları üzrə müvəkkil Elmira xanım Süleymanovanın hesabat məruzəsini dinlədik. Ümumilikdə götürsək, hesabatı qənaətbəxş saymaq mümkündür. Lakin hesabatda insan hüquqlarının daha çox pozulduğu sahələrə və görülən müsbət işlərə geniş yer ayrılmayıb. Bu məsələlərdən danışarkən mən Ədliyyə Nazirliyinin penitensiar xidmət sahəsində gördüyü müsbət işləri və məhkəmə sistemindəki vəziyyəti xüsusilə qeyd etmək istərdim. Ədliyyə Nazirliyi penitensiar xidmət sistemində yeni kadr dəyişiklikləri aparıbdır. Penitensiar xidmət sisteminə yeni təyin olunmuş zabitlər yüksək əxlaqi keyfiyyətlərə malik olan insanlardır. Yeni təyin olunmuş rəis işə başladığı gündən onlar mütəmadi olaraq cəzaçəkmə müəssisələrində məhbuslarla görüşür, bayram günlərində onlara konsert təşkil edir, yığıncaqlar keçirirlər. Məhbuslar dinimizə aid kitablarla, qəzet və jurnallarla təmin olunurlar. Onlara respublikamızın regionlarında aparılan sosial-iqtisadi inkişafla bağlı işlər barəsində məlumatlar çatdırılır. Demək olar ki, məhbuslar qanuna müvafiq bütün qayğılarla əhatə olunublar.
Bu yaxınlarda televiziyada qadınların cəzaçəkmə müəssisəsindən gözəl verilişə baxdıq. Kiçik yaşlı uşaqların anaları ilə görüşlərini göstərdilər. Görüş vaxtı qurtaranda körpələri analarından, anaları uşaqlarından ayırmaq mümkün deyildi. Onların göz yaşları adamı dəhşətə gətirirdi. Mən həmin o süjeti, həyati hadisəni olduğu kimi televizorda işıqlandırıb xalqa göstərdiklərinə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə və penitensiar xidmətin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Belə təbliğatların aparılması davam etdirilməlidir. Məhbusların tərbiyə olunub həyata qaytarılmasında bunun böyük rolu vardır.
Məhkumluq müddəti bitəndən sonra azad edilmiş şəxslərin cəmiyyətdə özlərinə yer tapa bilməməsi geniş müzakirə mövzusudur. Heç təsadüfi deyil ki, məhbəsdən çıxmış şəxslərin bir hissəsi elə cəmiyyətdə yer tapa bilmədiklərindən təkrar cinayət törədib məhkumluq həyatı yaşamağa üstünlük verirlər.
Təbii ki, bütün bunların araşdırılması və neqativ halların aradan qaldırılması təkcə hörmətli ombudsmanın səlahiyyətinə aid deyil. Bu kimi məsələlərin həllində bütün dövlət qurumları öz üzərində məsuliyyət hiss etməlidir. Hesab edirəm ki, statistika xatirinə bir neçə hakimə töhmət verilməsi problemin həlli sayıla bilməz. Hörmətli ombudsman Elmira xanım yaranmış vəziyyətdən çıxış yollarını məhkəmə sisteminə rəhbərlik edən şəxslərlə, o cümlədən digər əlaqədar qurumların rəhbərləri ilə birgə axtarmalıdır.
Məni narahat edən digər problem isə Silahlı Qüvvələrdə xidmətdə və ehtiyatda olan zabitlərin həbs edilməsidir. Ayrı-ayrı faktlar göstərir ki, kifayət qədər əsaslar olmadan zabit heyətinin məhkum edilməsi halları mövcuddur. İnsan hüquqları üzrə müvəkkildən xahişim budur ki, ombudsman aparatında işçi qrupu yaratmaqla həbsxanalarda olan hərbçilərin işini nəzarətə götürsün və geniş təhlillər apararaq onların əksəriyyətinə amnistiya tətbiq olunmasına lazımlı köməklik göstərsin.
Bütün bunlara rəğmən mən başa düşürəm ki, İnsan hüquqları üzrə müvəkkilin proseslərə təsir imkanı zəifdir və müəyyən obyektiv səbəblərdən 5 illik fəaliyyəti dövründə Azərbaycanda müstəqil fəaliyyət göstərən İnsan hüquqları üzrə müvəkkil institutu formalaşmayıb. Müvəkkilin dövlət institutlarına təsir imkanlarının məhdud olması hesabatda da əks olunub. Mən bu fikirlə tamamilə razıyam. Lakin bununla belə, dövlətin insan hüquqları üzrə müstəqil, ədalətli və qanuni əsaslarla fəaliyyət göstərən ombudsman institutu formalaşdırmaq niyyəti ciddidirsə, bu halda müvafiq normativ aktlara dəyişiklik etməklə İnsan hüquqları üzrə müvəkkilin...
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Keçən ay ombudsman təsisatının yaradılmasının 5 illiyi tamam oldu. Fürsətdən istifadə edib başda Elmira xanım olmaqla ombudsman təsisatının bütün əməkdaşlarını 5 illik münasibəti ilə təbrik edirəm. İnsan haqları ilə məşğul olmaq, insan haqlarını müdafiə etmək çox çətin bir peşədir. Yəqin ki, bu işlərlə məşğul olan, bu prosesə cəlb olunan hər bir insan bunun ağırlığını və məsuliyyətini dərindən dərk edir. Çünki hamı öz hüquqlarının pozulması haqqında iddia qaldırır, hamı müvafiq qurumdan kömək tələb edir, amma qarşıda duran böyük bir dövlət aparatı ilə bu məsələlərin hamısını vaxtlı- vaxtında müzakirə edib həll etmək və insanların hamısını razı sala biləcək qərar qəbul etmək, təbii ki, çox çətindir. O baxımdan ədalət naminə deməliyik ki, bu gün Azərbaycanda bütün çətinliklərə baxmayaraq, ombudsman təsisatı yaradılıbdır və çox uğurla fəaliyyət göstərir.
Biz bu uğuru, bu fəaliyyəti bizə təqdim olunan bugünkü hesabatda da açıq şəkildə görə bilərik. Mən bu hesabatın bir sıra maddələri ilə bağlı fikirlərimi bildirəcəyəm. Burada xeyli sahələrə, həm iqtisadi, həm sosial, həm hüquqi məsələlərə toxunulub. Hesabatda bu gün cəmiyyətin böyük bir hissəsinin ədalət axtarışında olduğu məhkəmələrlə, digər təsisatlarla bağlı olan çətinliklərin, problemlərin konkret əksini tapması çox uğurlu bir məqamdır. Mən hesab edirəm ki, bu məsələlərin bu cür açıq şəkildə qeyd olunması ombudsman təsisatının həm professionallığından, həm də cəsarətli mövqeyindən xəbər verir. Təbii ki, biz bunları qiymətləndirməliyik.
Bir həftə öncə bələdiyyələrlə bağlı hesabatı müzakirə etdik və orada bəzi fikirləri söylədik. Bugünkü hesabatdan da bəlli olur ki, deyilən problemlər, həqiqətən, mövcuddur. Bələdiyyələrdə olan problemlər haqlı olaraq bu gün ombudsman təsisatının hazırladığı hesabatda da öz əksini tapmışdır.
Ombudsman təsisatı haqqında burada məndən əvvəl çıxış edən hörmətli Abel müəllim fikir söylədi. Mən bunu tam şəkildə müdafiə edirəm. Yəni bu gün Azərbaycanda insan hüquqlarının pozulduğu elə bir sahə, elə bir yer yoxdur ki, ombudsman təsisatının əməkdaşları və bizim Müvəkkil orada olmasın. Onun siyasi mövqeyindən, statusundan, cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq, insan hüquqlarının pozulduğu məqamda ombudsmanın orada olması bu təsisata olan etimadı, inamı artırıb. Təsadüfi deyil ki, ombudsmanın ünvanına 5 il ərzində 25 mindən çox, təkcə keçən il 7 min 500 müraciət daxil olub. Əgər xatırlayırsınızsa, ilk illərdə ombudsman təsisatına cəmi 3 minə yaxın müraciət daxil olmuşdu ki, bu da, əlbəttə, çox aşağı bir rəqəm idi. Ona görə də bu gün əgər ombudsman təsisatına müraciətlər daxil olursa, insanlar öz pozulmuş hüquqlarının bərpasını bu təsisatda axtarırlarsa, bu istiqamətdə görülən işləri müsbət dəyərləndirmək lazımdır.
Hörmətli Aydın müəllim qeyd etdi, bu gün penitensiar sistemə ən ciddi nəzarət edən məhz ombudsman təsisatıdır. Bu gün ombudsman təsisatı vətəndaş cəmiyyətinin digər təsisatları, təmsilçiləri ilə, xüsusilə qeyri-hökumət təşkilatları ilə elə sıx əməkdaşlıq forması müəyyənləşdirib, elə əməkdaşlıq həyata keçirir ki, insan hüquqları sahəsində, o cümlədən penitensiar sistemdə biz çox uğurlu bir tandemin şahidi oluruq.
Bu gün ictimaiyyətlə əlaqələr xüsusi ekspertlər şurası səviyyəsində həyata keçirilir. Bu əlaqələr günü-gündən inkişaf edir. Ona görə də mənə belə gəlir ki, biz ombudsman təsisatının bugünkü fəaliyyətini müsbət dəyərləndirməliyik.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E. Axundova. Mən Elmira xanım Süleymanovanın ombudsman kimi fəaliyyətini yüksək qiymətləndirir və qənaətbəxş hesab edirəm. Elmira xanımın fəaliyyəti tək ölkəmizdə deyil, eyni zamanda, xaricdə və beynəlxalq qurumlarda da pozitiv qarşılanır. Həm də Azərbaycanda ombudsman vəzifəsinin məhz xanım tərəfindən icra edildiyi, məsələn, AŞPA-da hazırlanan “Cənubi Qafqazda qadınların vəziyyəti” adlı məruzədə xüsusi vurğulanıb və müsbət hal kimi dəyərləndirilibdir. Elmira xanım bəlkə də ən çətin, ən problemli bir sahə ilə - insan hüquqları sahəsi ilə məşğul olur.
Ombudsman təsisatına inam axır vaxtlar xeyli artıb. O qurum qarşısında hər gün onlarca insan görmək olar. Hamı ombudsmanla görüşmək istəyir, ona ümid bəsləyir.
Elmira xanımın ombudsman kimi ən yaxşı cəhətlərindən biri də onun təşəbbüskar olmasıdır. O, hadisələrin ardıyca getməyi xoşlamır, onları qabaqlamaq istəyir və daha çox çıxış yolunu neqativ halların profilaktikasında görür. Məncə, bu ən doğru seçimdir.
Ümumiyyətlə, hesab edirəm ki, ombudsman təsisatı Azərbaycanda özünü doğruldub və ona ehtiyac olduğunu öz əməli işi ilə təsdiq edib. Əlbəttə, bunda da Elmira Süleymanovanın xidməti çox böyükdür. Bu onu da göstərir ki, dövlət məmurları, dövlət orqanları da öz fəaliyyətlərində getdikcə daha çox insan hüquqlarına riayət edir və bu sahəyə diqqət yetirirlər. Biz hamımız hüquqi dövlətdə yaşamağı öyrənirik və bu sahədə mühüm irəliləyişlər əldə etmişik.
Sonda mən Elmira xanıma iki sual vermək istərdim. Elmira xanım, Siz bütün dövlət strukturları, bütün hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edirsiniz. Sizcə, hansı qurum, hansı struktur insan hüquqlarının müdafiəsində ombudsmana daha çox problem yaradır? Hansı qurumlarda insan hüquqlarının pozulması halları daha tez-tez müşahidə olunur? İkinci. Axırıncı 1 il ərzində Sizin ən böyük nailiyyətiniz və ən böyük uğursuzluğunuz? Çox sağ olun.
Sədrlik edən. Elmira xanım jurnalist sualı verir. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Elmira xanımın işini dəyərləndirirəm. Hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkil Azərbaycanda elə ilk vaxtdan uğurlu seçilib və neçə ildir bu yeni sahədə addım-addım irəli gedir, öz fəaliyyət sahəsini genişləndirir. Elmira xanım ildən-ilə Azərbaycanın insan hüquqları müvəkkilliyinin beynəlxalq əlaqələrini daha möhkəm qurmağa çalışıb və bu sahədə xeyli uğur qazanıb.
Amma mən bir neçə konkret fikrimi və tənqidi qeydimi bildirmək istəyirəm. Biz gərək elə bu xırda məsələlərdə də qanuna hörmət edək. Bizim qanunda yazılıb ki, İnsan hüquqları üzrə müvəkkil cari il bitdikdən sonra 2 aydan gec olmayaraq öz məruzəsini Milli Məclisə təqdim etməli və çıxış etməlidir. 2 ay müddəti qurtarıb. Bunu 15 gün bundan əvvəl edə bilərdik və bununla da qanuna hörmət etdiyimizi göstərərdik. Mən bizə təqdim olunan qısa icmalla Elmira xanımın çıxışını müqayisə etdim. Gördüm ki, onun çıxışı adlar və ünvanlar göstərilməklə daha konkretdir. Amma icmalda bir sıra məsələlərin üstündən keçilib. Qanunda yazılmayıb Milli Məclisə qısa icmal təqdim olunmalıdır, yazılıb məruzə təqdim olunmalıdır. Ona görə ya qanunda dəyişiklik edib yazmalıyıq ki, qısa icmal təqdim olunur, ya da Milli Məclisə məruzə təqdim olunmalıdır.
Bir sıra məqamlarda Elmira xanımın hesabatı qeyri-hökumət təşkilatlarının hesabatından fərqlənir. Biz hesab edirik ki, bu institut ünvanları daha konkret göstərməlidir. Çünki İnsan hüquqları üzrə müvəkkil vəzifəsi Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunub. Orada yazılıb ki, bu, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilmiş bir orqandır. Bu hesabatda, təəssüf ki, müxtəlif təşkilatların ünvanları göstərilsə də, məhz o vəzifəli şəxslərin adları çəkilmir. Təəssüf ki, Azərbaycanda insan hüquqları məhz həmin vəzifəli şəxslər tərəfindən daha çox pozulur.
Mən başa düşürəm ki, İnsan hüquqları üzrə müvəkkil bütöv bir şəbəkə ilə mübarizə apara bilməz. Təəssüf ki, bizdə insan hüquqlarının pozulması çox geniş bir sistem şəklindədir və idarələrin hansına ayaq basırsansa, hansı qapını döyürsənsə, insanlar orada kobudluqla, zorakılıqla, etinasızlıqla qarşılanır, heç birinin məktubuna, sualına, müraciətinə vaxtında cavab verilmir. Məqamlar da var ki, əslində, bu məruzədə o göstərilib. Mən istərdim ki, onlar daha konkretləşdirilsin və bundan sonra Elmira xanımın fəaliyyətində birbaşa ombudsmanın boynuna qoyulan, yəni insanları mövcud bürokratiya sistemindən qorumaq istiqamətində daha konkret işlər görülsün.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə mətbuatda bir jurnalistin müraciəti dərc olunmuşdu. Bu, Fərəməz Novruzoğludur. Uzun müddət müxtəlif qəzetlərdə yazılar yazır. Həbs olunub, 2 il iş veriblər. Bu da yazır ki, siz məni müdafiə edin, mənim heç bir günahım yoxdur. Mən ancaq Prezidenti müdafiə etmişəm və demişəm ki, Azərbaycan qadını namussuz ola bilməz. Bu barədə məqalə yazmışam. Məqaləyə görə məni həbs ediblər. Mən çox istərdim ki, Elmira xanım bu məsələ ilə məşğul olsun, aydınlaşdırsın. Bu gün Azərbaycan həbsxanalarında xeyli jurnalist var. Aprel ayında Azərbaycan Avropa Şurası qarşısında öhdəlikləri barədə hesabat verməlidir və orada ən ciddi maddələrdən biri söz azadlığıdır. Çox istərdim ki, bu məsələyə dair...
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycanda insan haqlarının vəziyyəti haqqında mən öz çıxışımda geniş danışmaq fikrindən uzağam. Çünki insan haqlarına əməl edilməsi sahəsində ölkədəki vəziyyət barədə beynəlxalq təşkilatlar müntəzəm olaraq açıqlamalar verirlər. Həmin açıqlamalarda bu sahədəki acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün tövsiyələr verilir. Elə müvəkkilin illik məruzəsində ümumi şəkildə olsa da, ölkədə insan haqlarına əməl edilməsi sahəsində acınacaqlı vəziyyətə dair işarələr vardır.
Ancaq çox təəssüf ki, insan haqlarının addımbaşı pozulduğu, insan hüquq və azadlıqlarına qarşı sayğısızlığın adiləşdiyi bir vaxtda biz Müvəkkildən gözlədiyimiz məruzəni almadıq. Şəxsən mən gözləyirdim ki, nəhayət, bugünkü məruzədə insan haqlarını pozan, bu haqların qorunmasını təmin etməli olan Müvəkkilin tələbləri ilə hesablaşmayan vəzifəli şəxslərin adları çəkiləcəkdir. Ancaq bu adların əvəzinə biz məruzədə ombudsmanın xahişinə Ali Məhkəmənin heç bir münasibət bildirməməsi epizodunu, işdən çıxarılan Tovuz rayonu tibbi-sosial ekspert komissiyasının sədri haqqında epizodu, həmçinin bir sıra məktəb rəhbərləri və işdən çıxarılmış icra başçıları və polis işçiləri haqqında məlumatları gördük. Eyni zamanda, məruzədə bizim hamımıza bəlli olan çox ciddi hüquq pozuntularının bir qədər də yumşaldılmış şəkildə, ciddi fakt və araşdırmalara əsaslanmayan ümumi mənzərəsinin verilməsinin şahidi olduq. Bu təhlil məruzədə qarşıya qoyulmuş məqsədə, yəni ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi məqsədinə xidmət etmir.
Biz yerlərdə insan hüquqlarının pozulması ilə bağlı daim çoxlu şikayətlər alırıq və təbii ki, şikayətçilər ərizəyə digər ünvanlara, o cümlədən ombudsmana yazdıqları məktubları və ondan aldıqları cavabları da əlavə edirlər. Mənə verilən belə məktubların təhlili zamanı aydın etmişəm ki, Müvəkkil əksər hallarda barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizəsini öyrənmiş və bu mülahizəyə uyğun olaraq şikayətçiyə cavab verməklə öz işini bitmiş hesab etmişdir. Ərizə və şikayətlərə belə münasibət isə, açıq demək lazımdır ki, bu və ya digər şikayətlərin həllində Müvəkkilin fəaliyyətinə yerlərdə inamsızlıq yaratmışdır.
Hesab etmirəm ki, məruzədə göstərildiyi kimi, bir sıra sahələrdə şikayətçilərin azalması həmin sahələrdə hüquq pozuntularının azalması ilə əlaqədardır. Əksinə, bu vəziyyət hüquq pozuntularının aradan qaldırılmasında Müvəkkilin fəaliyyətinin zəifliyi haqqında ictimai rəy və artıq çoxdan kök salmış fikirlərlə bağlıdır. Nəzərə alınmalıdır ki, insan haqlarına əməl edilməsində məmurların məsuliyyətinin artırılması və bu hüquqları pozan məmurların cəzalandırılması üçün ombudsmanın lazımi qədər səy göstərməməsi, həmçinin qanun pozuntularına qarşı əhalinin müqavimətini təşkil etməməsi onun haqqında yaranmış bu fikri, bu qənaəti günü-gündən daha da dərinləşdirir. İş o yerə çatmışdır ki, məruzədə qeyd edildiyi kimi, hətta insan haqlarının pozulması faktı ilə bağlı Müvəkkil məktublarına cavab da verilmir.
Nəticə isə göz qabağındadır. Azərbaycanda azad mətbuata qarşı təzyiqlər, jurnalistlərin döyülməsi faktları, məhkəmələrdəki, polis şöbələrindəki özbaşınalıqlar, korrupsiya, məmur özbaşınalığı nəinki səngimir, əksinə, günü-gündən daha da dərinləşir. Hətta insanların ən elementar hüquqları belə müntəzəm olaraq pozulur. Məruzədə də qeyd edildiyi kimi, şəkərli diabet xəstələri onlara çatacaq dərmanları belə ala bilmirlər. Regionlarda tibbi-sosial ekspert komissiyaları açıq şəkildə alverlə məşğul olur, pul almadan əlillərə hətta müvafiq arayış verməkdən imtina edirlər. Ünvanlı sosial yardım adı altında hər altı aydan bir ölkədə insanların əsəbləri ilə oynamaq kampaniyası həyata keçirilir. İnsanların özəl sektorda, o cümlədən xarici investisiyalı şirkətlərdə belə əmək müqaviləsi olmadan işə götürülməsi və işdən uzaqlaşdırılması prosesi davam edir.
Keçən müddət ərzində aldığım şikayət məktublarının xeyli hissəsində İmişli şəkər zavodunda əmək qanunvericiliyinin tələblərinin pozulması haqqında kifayət qədər faktlar sadalanmışdır. Təsəvvürünüzə gətirin ki, bu şirkətdə işə qəbul edilən insanların əksəriyyətində əmək müqaviləsi haqqında heç bir anlayış yoxdur. İnsanlar normadan xeyli artıq işlədilir, məzuniyyətə buraxılmırlar. İstədikləri vaxt işçiləri işdən azad edirlər, işdən azad edilənlərə əmrin surəti və son hesab verilmir. İşdən çıxarılanların bütün bu qanunsuzluqlarla bağlı müraciətlərinə belə cavab verilmir. Bütün bunlar, çox təəssüf ki, insan haqlarına əməl edilməsinin vəziyyəti ilə bağlı ölkədə yaranmış acı reallıqdır. Hesab edirəm ki, bu vəziyyət...
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y. Abramov. Hörmətli Oqtay müəllim, dəyərli millət vəkilləri! Mən də bu məruzənin icmalını oxumuşam, onu bəyənirəm və qabaqcadan təminat verirəm ki, onun lehinə səs verəcəyəm. Ötən il biz Elmira xanımın məruzəsini dinləyəndə mən də çıxış etmiş və demişdim ki, biz də İnsan hüquqları komissiyası olaraq ombudsman təsisatı ilə bir yerdə bir sıra tədbirlər keçirmək arzusundayıq və bizim iş planımız bir birini tamamlamalıdır. Mən bu gün bəyan edirəm ki, bu sahədə də Elmira xanımla uğurlu addımlarımız atılıb. Keçən il iki böyük konfrans, həm bizim komissiyanın sədri Rəbiyyət xanımın rəhbərliyi ilə, həm də Elmira xanımın sədrliyi ilə konfranslar keçirilib və bizim komissiyanın beş deputatı orada fəal iştirak edib.
Elmira xanımın çox böyük uğurları var. Bu gün Elmira xanımın gördüyü işlər möhtərəm cənab Prezidentin ölkədə apardığı uğurlu daxili və xarici siyasətlə və Konstitusiyamızda insan hüquq və azadlıqlarını təsbit edən bütün maddələrlə üst-üstə düşür. Bu gün bizim ombudsman institutu haqqında nəinki ölkə daxilində, hətta xaricdə də müsbət rəy formalaşmaqdadır. Mən də bu gün millət vəkillərinin bu institut haqqında söylədiyi bütün müsbət fikirlərə tərəfdaram.
Ancaq buna baxmayaraq, Oqtay müəllim, mənim yenə bəzi giley- güzarlarım var. Mən ötən il də demişdim, yəqin ki, stenoqramda bunlar öz yerini tapıbdır. Keçən il demişdim ki, Qubanın 1-ci Nüvədi kəndinin iki sakinini haqsız olaraq məhkəmələr incidib, dörd uşaq atasına təqsiri olmadan çox böyük cəza veriblər. O biri insanın oğlu ölüb, ona heç olmasa maddi təminat ayrılıb, o pulu ödəməyiblər.
İndi görün mən bu il hansı faktlarla rastlaşmışam. Xarici ölkə vətəndaşı Azərbaycana çox gözəl niyyətlə gəlib, Azərbaycan iqtisadiyyatına investisiya qoymaq üçün ofis açmaq istəmişdir. O, Əfəndiyev Faiq İlyas oğlu adlı bir iş adamı ilə iş birliyi qurmuş, ofis sahəsi almaq üçün ona qabaqcadan 45 min Amerika Birləşmiş Ştatları dolları məbləğində pul vermişdir. Bu insan nə qədər məhkəmələrə müraciət etsə də, nə pulunu ala bilib, nə də o ofis üçün ayrılan sahəni. Nəticədə mənə və İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinə müraciət etmişdir. Mən işə müdaxilə etmişəm, təbiidir, etməliyəm, çünki mən Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Bütün instansiyalarda məhkəmələrə bildirmişəm ki, bu insanın şikayət məktubuna mən nəzarət edirəm. Hər yerdə iş rəvan getdiyi halda bu yaxınlarda Ali Məhkəmə... Bəzi deputatlarımız kiminsə adını çəkməkdən bəzən çəkinirlər. Ali Məhkəmədə Mirpaşa Hüseynov adlı hakim var. Mən onun yanında da olmuşam. Demişəm ki, yoldaş hakim, mən sizin işinizə müdaxilə etmirəm, amma bilin ki, bu işə yanlış münasibət iki dövlət arasındakı münasibətlərə xələl gətirə bilər. Mən xahiş edirəm, bu işə qanun daxilində obyektiv baxın. Mənə cavab verir ki, sizin deputat kimi belə işlərlə məşğul olmaq səlahiyyətiniz yoxdur. Və iki gün qabaq bilirəm ki, məsələni mənfi həll edib. Yəni qanun baxımından düzgün həll etməyib. Mənim iki ay yarım çəkdiyim əziyyət hədər gedib. İndi bu məsələyə səfirlikmi, Elmira xanımmı müdaxilə etməlidir? Mən daha kimə, Birləşmiş Millətlər Təşkilatınamı müraciət etməliyəm? Bu gün Azərbaycan məhkəməsində bu cür vəziyyətdir. Bu gün İnsan hüquqları komissiyasına daxil olan bütün şikayətlərin 99,9 faizi məhkəmələrdəndir, Oqtay müəllim. Qəbula gələnlərin, şikayət edənlərin, seçicilərimizin qarşısında...
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bəri başdan deyim ki, mən də ombudsmanın bu hesabatına səs verəcəyəm. Çünki Elmira xanımın fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Çünki seçildiyim Tovuz rayonunda vətəndaşları qəbul edərkən Elmira xanımın onların şikayətlərinə necə diqqətlə yanaşdığını, Gürcüstanda soydaşlarımızla, Gürcüstan həbsxanalarında azərbaycanlılarla bağlı apardığı işi görmüşəm.
Lakin bir neçə məsələyə toxunacağam. İnsan haqlarının qorunması üçün ən vacib struktur məhkəmədir. Məhkəmə insan haqlarını qorumalıdır. Ombudsmanın hesabatından görünür ki, bizdə ən böyük problem elə məhkəmələrdədir. Mən Müvəkkilin hesabatının bir hissəsini oxuyuram: “Müvəkkil qeyd edilənləri nəzərə alaraq, cavabları iki aydan beş aya kimi gecikdirilmiş 8 sorğunun vaxtında cavablandırılması ilə bağlı Ali Məhkəməyə ünvanladığı məktubuna həmin məhkəmənin cavabında göstərilmiş “Məhkəmələrin icraatında olan işlər üzrə şikayət və müraciətlərin nəzarətə götürülməsi və məhkəmələrdən işə baxılmasının nəticələri haqqında cavab tələb olunması hakimlərin müstəqillik prinsipinə uyğun deyil” iradı ən azı anlaşılmazdır”. Elmira xanım göstərir ki, onun bu müraciətləri Konstitusiya Qanununa uyğundur. Sonra hesabatda yazılır: “Yeri gəlmişkən, həmin 9 sorğunun biri Ali Məhkəmədə qəbul edilmiş qərarın vaxtında aidiyyəti üzrə göndərilməməsi səbəbindən icranın geçikdirilməsi, biri Ali Məhkəmədə qəbul edilmiş qərarın tərəf olan ərizəçiyə göndərilməməsi, biri vətəndaş tərəfindən Ali Məhkəmənin dəftərxanasına təqdim edilmiş ərizənin qəbul edilməsindən imtina edilməsi, altısı isə vətəndaşların müxtəlif məsələlərlə bağlı Ali Məhkəməyə göndərdikləri ərizə və şikayətlərə cavab verilməməsi ilə bağlı olmuşdur.” İndi nə çıxır ortaya, vətəndaş müraciət eləyir, Ali Məhkəmə cavab vermir, vətəndaş müraciət eləyir ombudsmana, ombudsman yazır, Ali Məhkəmə deyir, siz bizim işimizə qarışırsınız.
Mən Elmira xanımdan bununla bağlı bir suala aydınlıq gətirməsini xahiş edərdim. Təbii ki, doqquz sorğunun doqquzu da birdən göndərilməyib və onlara cavab birdən gəlməyib. Bu sorğulara cavablar gələn zaman Elmira xanım Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb bu məsələni danışıbmı? Görüşüb danışıbsa, Ali Məhkəmənin sədrinin bu məsələyə reaksiyası nə olub? Əgər bu, Ali Məhkəmə sədrinin öz mövqeyidirsə, o zaman burada tamam başqa ciddi məqamlar ortaya çıxır. Ona görə mən istərdim ki, Elmira xanım bu məsələyə aydınlıq gətirsin.
Digər məsələ. Bu, Bakıda ən çox narahatlıq doğuran məqamlardan biridir. Ombudsman öz məruzəsində yazır: “Məktəblərin, xüsusilə də Bakı şəhərində orta ümumtəhsil məktəblərinin üzləşdiyi problemlərdən biri də bu məktəblərin həyətyanı sahələrində, o cümlədən idman meydançalarında hündür mərtəbəli binaların tikilməsidir. Artıq darısqallığın yarandığı Bakı şəhərində də məktəbyanı sahələrin bu məqsədlər üçün ayrılması əhalinin haqlı narazılığı ilə qarşılanmaqla yanaşı, müvafiq səlahiyyətli dövlət orqanlarını da narahat etməli və bu özbaşınalığın qarşısının alınması üçün ən ciddi tədbirlər görülməlidir”. Mən istərdim Elmira xanım desin ki, bu bizim neçə faiz məktəblərimizi əhatə edir. Elmira xanım bu problemlə bağlı Təhsil Nazirliyinə, səlahiyyətli digər orqanlara müraciət edibsə, Bakı şəhər icra başçısı ilə görüşüb danışıbsa, bunun qarşısının alınması istiqamətində hansı addımlar atılıb, atılmayıbsa, niyə atılmayıb? Elmira xanımın məruzəsindən görünür ki, bu sahədə ciddi işlər görülməyib.
Hesabatda deyilir ki, bir çox hallarda qız uşaqlarının təhsildən kənarda qalması, erkən nikahların artması, habelə nikahdan kənar uşaqların dünyaya gəlməsi nəinki müvafiq orqanları, bütövlükdə cəmiyyəti narahat eləyən bir haldır. Elmira xanım, bu məsələlərlə bağlı ombudsman aparatının hansısa təklifləri olubmu?
Sonuncu məsələ. Hesabatda yazılır: “Ən müxtəlif sahələrdə, məsələn, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında sənədlərin və notariat orqanlarında əqdlərin qeydə alınmasında, mənzil sahəsinin özəlləşdirilməsində, torpaq sahəsinin alınması və ya icarəyə götürülməsində, mənzil tikintisi və ya yenidən qurulmasında, özbaşına tikintilərin həyata keçirilməsində, mənzil istismar sahələrindən və ya yerli icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə...”
Sədrlik edən. Qənirə xanım, iclasımız sona çatır. Əli Əhmədova da söz verim. Buyurun.
Ə. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. İclas başa çatmaq üzrədir. Ona görə düşünürəm ki, mənim çox danışmağım deputatların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Amma bir halda ki söz verilib, mən də bu gün müzakirə olunan məsələyə münasibətimi bildirəcəyəm. Ümumiyyətlə, insan haqlarının qorunması çox incə, həssas bir məsələdir. Məncə, burada bizə təqdim edilən məruzə və bu məruzə ətrafında aparılan müzakirələr onu göstərir ki, Azərbaycanda ombudsman institutu kifayət qədər oturuşmuş bir təsisata çevrilmişdir və Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərə bilir.
Bizə təqdim olunan məruzə, sadəcə, ombudsmanın fəaliyyəti ilə yox, Azərbaycanda insan haqlarının vəziyyəti ilə əlaqədar hesabat kimi dəyərləndirilməlidir. Məruzədən və məruzə ətrafında aparılan müzakirələrdən görünür ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində son illərdə çox əhəmiyyətli tədbirlər görülüb və Azərbaycanda insan haqlarının qorunması mexanizmi ildən-ilə təkmilləşir. Güman edirəm ki, atılan addımlar, görülən işlər, o cümlədən tərtib edilmiş fəaliyyət proqramı bundan sonrakı dövrdə də insan haqlarının qorunması istiqamətində həm bütövlükdə Azərbaycan hökumətinin fəaliyyətinin səmərəsini artıracaq, həm də Azərbaycanda insan haqları ilə məşğul olan təsisatın görə biləcəyi işlərin spektrini əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.
Mən belə hesab edirəm ki, məruzə kifayət qədər əsaslıdır və Azərbaycanda insan haqlarının qorunması istiqamətində görülən işləri kifayət qədər təsvir edir. Ona görə mən deputat yoldaşlarımı ombudsmanın bir illik məruzəsinin təsdiq olunmasına səs verməyə dəvət edir və həm ombudsman Elmira Süleymanovanı, həm də Milli Məclisdə oturan, oturmayan bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 mart Qadınlar günü münasibətilə təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. İmkan verək, bəlkə Elmira xanım bəzi sualları cavablandırsın?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ehtiyac yoxdur? Onda xahiş edirəm, məruzəni nəzərə almaq barədə qərara münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.58 dəq.)
Lehinə 98
Əleyhinə 5
Bitərəf 3
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Sağ olun, Elmira xanım.