30.03.2007 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ
 
PROTOKOLU  №  46

Mill Məclisin  iclas  salonu.
30  mart  2007-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Vahid Novruzov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri.
Cavanşir Yusifov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Namiq Xəlilov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Camal Axundov, Azərbaycan Respublikası Auditorlar Palatasının şöbə müdiri.

* * *
Rüfət Aslanlı, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

* * *

B. Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının imtiyaz və immunitetləri haqqında” Protokolun təsdiq edilməsi barədə.
2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə.
3. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 4. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
5. Dövlət qulluqçularının etik davranış kodeksi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının imtiyaz və immunitetləri haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
 4. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
5. Dövlət qulluqçularının etik davranış kodeksi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  mart  2007-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 97
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli deputatlar, bildiyiniz kimi, sabah mart ayının 31-i azərbaycanlıların soyqırımı günüdür. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart hər il dövlət səviyyəsində qeyd edilir. Həmin gün ölkəmizdə və xaricdə yaşayan bütün soydaşlarımız erməni millətçiliyinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların ruhları qarşısında ehtiramlarını bildirirlər.
Xahiş edirəm, son yüz ildə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıları zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, yazılın. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlarım, dəyərli media mənsubları! Oqtay müəllim, mən gündəliyin müzakirəsi ilə bağlı bir cümlə ilə öz fikrimi bildirmək istəyirəm. Bu gündəlik müzakirə olunursa, hər halda gündəliklə bağlı təkliflər olandan sonra gündəliyin səsə qoyulması lazımdır. Çünki biz gündəliyi təsdiq eləyəndən sonra gündəlik ətrafında müzakirələrin olması, məncə, məqsədə uyğun deyil.
Oqtay müəllim, bilirsiniz ki, uzun illər bütün respublikanın rayonlarında, o cümlədən Sumqayıt şəhərində böyük avtomobil nəqliyyatı müəssisələri fəaliyyət göstərib. Bu nəqliyyat müəssisələrində elə avtomobillər var ki, artıq istismara tamamilə yararsızdır və onlardan istifadə olunmur. Çox qəribədir ki, həmin avtomobillər işləməyə-işləməyə onlardan yol vergisi tutulur. Məsələn, Sumqayıtdakı müəssisələrdə vur-tut 5-10 avtomobil işləyir ki, həmin avtomobillər vasitəsi ilə müəssisə özünü saxlayır və orada işləyən işçilərin əmək haqlarını ödəyə bilir. Ən acınacaqlı hallardan biri odur ki, həmin müəssisələrdə işləyib xəsarət alan işçilər mütləq həmin müəssisələrdən müavinətlərini almalıdırlar. Lakin həmin müəssisələr işləmir və insanlar uzun illərdir ki, müavinətlərini ala bilmirlər.
Mənə edilən müraciətlərlə bağlı araşdırmalar aparmışam. Həqiqətən, mən bir dəfə Milli Məclisin kürsüsündən demişdim ki, müəssisələrin işləməməsi ucbatından bu insanlar uzun illərdir, müavinətlərini ala bilmirlər. Mən xahiş edərdim, təklif edərdim ki, bu məsələ müvafiq komissiyada müzakirə olunsun və həmin insanların müavinətlərinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi məsələsi müzakirə olunsun.
Bir neçə dəfə Sumqayıtla bağlı mən burada fikirlərimi demişəm. Bilirsiniz ki, son vaxtlar enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə əlaqədar Sumqayıtın kimya müəssisələri dayanmışdır. Gec də olsa, hökumət bu məsələni müzakirə elədi və sənaye müəssisələrinə verilən enerji daşıyıcılarının qiymətlərinin güzəştli şərtlərlə verilməsi haqqında qərar qəbul olundu. Ancaq bu günə qədər həmin müəssisələrin işləməsi mümkün olmayıb və insanlar əmək haqlarını ala bilmirlər. Mən bilmirəm, daha hansı səviyyədə bu məsələlər müzakirə olunmalıdır ki, həllini tapsın. İnsanlar sabaha ümidlə baxmalıdırlar.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən vaxtınızı çox almayacağam. Bir məsələ ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Bu da Dövlət qulluqçularının etik davranış kodeksi haqqında qanun layihəsi ilə bağlıdır. Təəssüf edirəm ki, qanunun birinci oxunuşunda mən iştirak eləməmişəm. Ona görə də bilmirəm, bu qanun layihəsi hansı zərurətdən irəli gəlir. Hesab edirəm ki, belə bir qanunu qəbul etməyə heç bir ehtiyac yoxdur. Çünki bu qanun mənə kommunizm qurucularının əxlaq kodeksini xatırladır. Digər tərəfdən etik davranış qaydaları heç vaxt qanunla müəyyən olunmur. Əgər etik qaydaları qanunla müəyyən olunursa, artıq bu, etik qaydaları olmur, hüquq normalarına çevrilir. Biz bu qanunu qəbul eləsək, gərək digər dövlət qulluqçuları haqqında, sosial qruplar haqqında da belə silsilə qanunlar qəbul eləyək. Əlbəttə, bu da lazım deyil.
Bu qanun layihəsində göstərilən bir çox məsələlər qanunlarda var. Çox təəssüf ki, bunlar yerinə yetirilmir. Mən həmin məsələlərdən birini deməklə kifayətlənmək istəyirəm. Məsələn, dövlət vəzifəsinin daşıyıcıları olan, hakimiyyət strukturunda təmsil olunan insanlar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər və qanun bunu qadağan eləyir. Ancaq biz bilirik ki, çoxları bununla məşğul olurlar və qanunun tələbi yerinə yetirilmir. Etik davranış kodeksi haqqında qanun layihəsinə bunu salmağın nə mənası var? Mən hesab edirəm ki, bu qanun layihəsi lazım deyil. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas müəllim, bu qanun layihəsinin keçən çağırışda ikinci oxunuşu olmuşdur. Ancaq layihə bizi tam qane etmirdi. Ona görə bu qanun layihəsi yenidən işləndi və ikinci oxunuşa yenidən çıxarılıb, daha da təkmilləşdirilib. Qanun layihəsinin müzakirəsində baxarıq, lazımdır, ya yox. Məjlum Şükürov, buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Ölkəmizin milli təhlükəsizliyinin çox mühüm tərkib hissəsi olan enerji təhlükəsizliyi istiqamətində görülən işlər hər kəsə məlumdur. Bu yaxınlarda biz hökumətin hesabatını dinləyəndə bir daha gördük ki, yola saldığımız 2006-cı ildə bu istiqamətdə çox mühüm işlər görülmüş, əvvəlki illə müqayisədə 4,8 faiz artıq elektrik enerjisi istehsal olunmuşdur. Bu gün görülən işlərin nəticəsidir ki, enerji mübadiləsi apardığımız ölkələrdən birinin öz enerji resurslarından bizə təzyiq vasitəsi kimi istifadə etmək siyasəti iflasa uğradı. Bununla belə kiçik elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisinə bəzi dövlət qurumlarının münasibəti təəssüf doğurur.
Şəki su elektrik stansiyası 1936-cı ildən fəaliyyət göstərir. Keçid dövründə, çox gərgin dövrdə burada istehsal olunan elektrik enerjisindən hətta ətrafdakı rayonlar da istifadə etmişlər. Lakin bu gün həmin elektrik stansiyasının istehsal etdiyi enerjidən dövlət qurumlarının biganəliyi nəticəsində istifadə olunmur. Bu, təkcə elektrik enerjisi demək deyil. Həmin elektrik stansiyasının işləməsi həm də 80 minlik əhalinin su ilə təchiz olunması deməkdir.
Bilirsiniz ki, ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üçün dövlət proqramı qəbul edilmişdir. Bu proqram çərçivəsində belə kiçik elektrik stansiyalarının enerjisini almaq üçün tarif qiymətləri müəyyənləşdirilmişdir. Lakin bu gün həmin elektrik stansiyası istehsal etdiyi elektrik enerjisini istehlakçılara çatdıra bilir. Mənə elə gəlir ki, bu çox mühüm məsələdir. Məndə olan məlumata görə ölkədə səkkiz elektrik stansiyası var. Şəkidə vaxtı ilə fəaliyyət göstərmiş bir neçə elektrik stansiyası var. Bu stansiyaların bərpası istiqamətində hətta qeyri-hökumət təşkilatları vəsait ayırmaq niyyətindədirlər. Düzdür, bu elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisi o qədər də çox deyil. Ancaq dama-dama göl olar. Belə elektrik stansiyalarına, alternativ elektrik mənbələrinə bəzi dövlət qurumlarının münasibəti mütləq dəyişilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, üç nəfər millət vəkili çıxış elədi. Yalnız İlyas müəllim gündəliyə aid danışdı. Xahiş edirəm, çalışaq, gündəlik ətrafında danışaq. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Bu yaxınlarda MDB-nin İcraiyyə Komitəsi MDB dövlətlərinin ixrac potensialı ilə bağlı bir hesabat yaymışdı. Həmin hesabatdan məlum olur ki, Azərbaycan dünya bazarlarına 50-yə qədər çeşidli məhsul çıxara bilər. Məlumat üçün bildirim ki, Ermənistanda bu rəqəm 150-yə, Qazaxıstanda isə 250-yə yaxın olmuşdur. Hesabatda Azərbaycan Qırğızıstan və Tacikistanla birlikdə sonuncu yerdədir. Biz sahibkarlığın inkişafından ağızdolusu nə qədər danışsaq da, bu fakt həqiqi mənzərəni ortaya qoyur.
Mən hesab edirəm ki, ölkədə sahibkarlığın bu vəziyyətə düşməsində bizim hamımıza məlum olan başqa səbəblərlə yanaşı, yerlərdə yerli hakimiyyət strukturlarının inhisar yaratması və həmin inhisara daxil olmayan sahibkarlara qarşı amansız mübarizə aparması xüsusi rol oynamışdır. Seçildiyim İmişli rayonunda son həftə ərzində bir sahibkarın başına gətirilənlər məni bu çıxışı etməyə məcbur etdi. Onu da deyim ki, bu hadisə yaşadığım rayonda baş verən onlarla hadisədən ancaq biridir. Təsəvvürünüzə gətirin ki, rayon İcra Hakimiyyətinin Torpaq şöbəsi, Memarlıq şöbəsi akt tərtib edərək qeyd etdiyim sahibkarın torpaq sahəsi ilə əlaqədar heç bir qanunsuzluq olmadığını təsdiq edir. Lakin qeyd edilən qurumların iştirakı olmadan yerli iqtisad məhkəməsi həmin sahibkarın torpağının xeyli hissəsini kəsərək icra hakimiyyətinin nəzarətində olan başqa bir sahibkara verilməsi haqqında qərar verir. Sahibkarın özü isə yerli məhkəmənin qərarı ilə 10 gün həbsxanaya salınır. Sahibkarın həbsindən istifadə edən məhkəmə icraçıları onun tikdiyi binanı, hətta məhkəmə qərarında göstərilən ölçüdən iki dəfə artıq sökərək tamamilə yararsız hala salır. Bəlkə də bu məsələ baş verəndə mən rayonda olmasaydım və hadisəni gözlərimlə görməsəydim, burada çıxış etməzdim.
Baş verənlər yerlərdə məhkəmələrin icra strukturlarının əlavəsinə çevrilməsi faktını təsdiq edir. İcra başçıları özlərini rayonlarda tam hökmran kimi aparır, heç bir müstəqilliyi olmayan məhkəmələrdən öz məqsədləri üçün istifadə edirlər. Yerli məhkəmələr özlərinə o qədər arxayın olublar ki, hətta verilən cəzalar barədə insanlara məlumat verməyə belə lüzum görmürlər. Türməyə salınanlar yalnız oradan çıxandan sonra onlara neçə gün cəza verilməsi haqqında məlumat alırlar. Təsəvvürünüzə gətirin ki, mən deputat kimi, qeyd etdiyim sahibkara neçə gün cəza verilməsini çox çətinliklə öyrəndim. Hətta o da məlum oldu ki, verilmiş 3 günlük cəza 2 gündən sonra dəyişdirilərək 10 günə çatdırılmışdır. Çünki sifarişçi belə istəmişdir. Bu, özbaşınalıq deyildirmi? Bu, anarxiya deyildirmi? XXI əsrdə məhkəmənin orta əsrlərin təcrübəsi ilə işləməsinə nə ad vermək olar?
Bu gün dünyada kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda pay göstəricilərindən istifadə edilir. Biz isə çox təəssüf ki, hələ də məmurların sahibkarlara qarşı hücumlarını müşahidə etməklə məşğuluq. Nə qədər ki Azərbaycanda məhkəmə islahatları aparılmayıb, nə qədər ki məhkəmələr yerli icra strukturlarının nəzarətindən çıxarılmayıb, onların müstəqilliyi təmin edilməyib, bizim azad sahibkarlıqdan danışmağımız acı gülüş doğurur.
Sədrlik edən. Sağ olun. Amma mən bir şeyi Sizin nəzərinizə çatdırım. Mən sualı cavablandırmaq istəmirəm. Müraciət eləsəniz, ayrıca cavab verə bilərik. Amma hərdən mənə maraqlı gəlir ki, bizim bəzi deputatlarımız tez-tez Ermənistanla Azərbaycanı müqayisə eləyirlər, Ermənistan iqtisadiyyatını reklam eləyirlər. Mən bunu çox səmimi soruşuram. Yəni həqiqətən, Siz özünüz bu deyilən sözlərə inanırsınızmı? Doğrudanmı, Ermənistanda belə iqtisadi inkişaf var? Əgər Siz inanırsınızsa, mənim başqa sözüm yoxdur. Cəmil Həsənli.
C. Həsənli. Çox hörmətli Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bizim gündəliyimizdə çox vacib məsələlər dayanıb və ümid eləyirəm ki, biz bu məsələlər ətrafında səmərəli müzakirələr açacağıq. Eyni zamanda, Oqtay müəllim, mənim gündəliyə bir əlavə təklifim var. O da iclas başlananda Sizin qeyd etdiyiniz bir məsələ ilə bağlıdır. Məlum olduğu kimi, 1998-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Şübhəsiz ki, həmin Fərmanda martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi elan edilməsi milli tariximizdə mühüm hadisəyə verilən bir qiymət idi. Orada müxtəlif idarə və təşkilatların qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Oqtay müəllim, həmin sərəncamda göstərilir ki, Bakıda mart hadisələrinin qurbanlarına abidə qoyulmalıdır. Üstündən 9 il keçib. Sərəncam 1998-ci ildə verilib. İndi 2007-ci ildir və sabah mart hadisələrinin ildönümü günüdür, Azərbaycanlıların soyqırımı günüdür. Biz, demək olar ki, həm hökumətin hesabatında, həm də büdcənin müzakirəsində Azərbaycana daxil olan vəsaitləri xərcləməyə yer axtarırıq. Belə bir şəraitdə Prezident sərəncamında öz əksini tapmış həmin məsələ niyə yerinə yetirilmir? Biz nə vaxta qədər ümummilli məsələlərlə bağlı verilmiş sərəncamlara bu qaydada biganə münasibət bəsləyəcəyik? Həmin sərəncamda göstərilirdi ki, azərbaycanlıların soyqırımı ilə, mart hadisələri ilə bağlı, həmçinin bu zəmində olan digər hadisələrlə bağlı televiziya filmləri hazırlanmalıdır, xarici ölkələrdə yayılmalıdır. Niyə bunlar yerinə yetirilmir?
Yeri gəlmişkən, Milli Təhlükəsizlik Nazirliyi bu istiqamətdə çox faydalı addımlar atıb, kompakt disklər, yayım materialları buraxıb. Müasir tələbatı nəzərə alaraq onlar öz imkanları daxilində bunu edirlər. Milli Təhlükəsizlik Nazirliyindən başqa bizim digər dövlət qurumları niyə bu işlə məşğul olmurlar? 1918–1919-cu illərdə çox nadir sənədlər toplanıbdır. Hələ o dövrdə qərar qəbul edilmişdir ki, həmin materiallar xarici dillərə tərcümə olunub yayılsın. Bu, sərəncamda da öz əksini tapıb. Niyə bu məsələlər indiyə qədər yerinə yetirilmir?
Sədrlik edən. Sağ olun. Siz düzgün olaraq məsələ qaldırdınız. Amma Cəmil müəllim, nəzərinizə çatdırım ki, artıq Milli Məclis də bu istiqamətdə işləyir, film çəkdirməyə hazırlaşırıq. Bizim çox gözəl tarixçilərimiz var. Əfsuslar olsun ki, bəzi ssenariçilər belə sənədləri hazırlamırlar. Biz çox istərdik ki, lap Sizin rəhbərliyinizlə belə bir sənəd, belə bir ssenari hazırlansın. Film çəkdirmək bizim boynumuza. Amma heykəl barəsində biz fikirləşəcəyik. Mən Sizin sözlərinizi qəbul eləyirəm. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Əvvəla, qeyd eləyim ki, bu yaxınlarda hökumətin burada hesabatını dinlədik. Çox təəssüf ki, dövlət televiziyası – AzTV yalnız iqtidar nümayəndələrinin çıxışlarını verdi. İqtidar nümayəndələri də kimlərisə tənqid edirdilər. Başa düşülmürdü ki, bunlar nədən narazıdırlar və kimi tənqid edirlər. Heç olmasa, bir müxalifət nümayəndəsinin çıxışından iki cümlə vermək olardı ki, sonrakı iqtidar nümayəndələrinin çıxışları başa düşülsün. Yəni AzTv YAP-ın büdcəsindən maliyyələşmir, dövlət büdcəsindən maliyyələşir. Mən hesab edirəm ki, parlamentdəki rəngarənglik reportajlarda da öz əksini tapmalıdır.
İkinci bir məsələ. 2003-cü ildə Amerika Birləşmiş Ştatları İraqa qoşun yeridəndə mən parlamentdə çıxış elədim. Yeganə şəxs idim ki, kəskin tənqid elədim. Bildirdim ki, tanklarla, toplarla, raketlərlə ölkəyə xoşbəxtlik gətirmək olmaz, demokratiya qurmaq olmaz. Çox təəssüf ki, o zaman parlament səs çoxluğu ilə qərar qəbul elədi ki, biz də oraya antiterror koalisiyasının üzvü kimi öz qoşunlarımızı göndərməliyik. İndi Amerikanın senatı da, konqresi də qərar qəbul edir ki, qoşunlar oradan çıxarılmalıdır. İslam dünyası kəskin çıxış eləyib ki, qoşunlar oradan çıxarılmalıdır. Hər gün yüzlərlə insan orada qətlə yetirilir. Mən hesab edirəm ki, biz də müəyyən mənada məsuliyyət daşıyırıq. Orada müəyyən kontingentimiz olduğuna görə Azərbaycan parlamenti də qərar qəbul eləməlidir və biz də öz əsgərlərimizi İraqdan çıxarmalıyıq.
Başqa bir məsələ. Vaxtı ilə mərhum Prezident Heydər Əliyev 2003-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin adlarının əbədiləşdirilməsi ilə əlaqədar qərar qəbul eləmişdi. Fərman imzalamışdı, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də belə bir sərəncam imzalayıb. Mən təklif edirəm ki, parlament hökumət qarşısında məsələ qaldırsın, Məmmədəmin Rəsulzadənin cənazəsi Azərbaycana gətirilsin və Fəxri xiyabanda mərhum Heydər Əliyevlə, Əbülfəz Elçibəylə, görkəmli dövlət xadimləri ilə, ictimai xadimlərlə bir yerdə dəfn olunsun. Fətəli xan Xoyskinin – Azərbaycanın ilk Baş nazirinin cənazəsi də Tiflisdən gətirilsin və Azərbaycanda dəfn edilsin. Mən hesab edirəm ki, bu işləri hansı hökumət görəcəksə, bu, həmin hökumətə başucalığı gətirər. Yaxşı olar ki, bunu indiki hökumət eləsin. Onsuz da nə vaxtsa bunlar baş verəcək. Mən hesab edirəm ki, əvvəl qeyd etdiyim fərmanlar hökumət tərəfindən icra olunmalıdır. Parlamentin də haqqı var, soruşsun ki, niyə bu fərmanları hökumət icra etmir? Əgər doğrudan da, biz öz keçmişimizə hörmətlə yanaşırıqsa, bunları icra eləmək lazımdır. “Azərbaycanın dövlət suverenliyi haqqında” Qanunda qeyd edirik ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ona görə də Sizin bu məsələləri diqqətdə saxlamağınızı xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Qüdrət müəllim, Siz çıxışınızın əvvəlində dediniz ki, AzTv iqtidarı göstərir, müxalifət nümayəndələrinin çıxışını vermir. Mən burada Sizin səhvinizi tutmaq istəyirəm. AzTv iqtidardan çox müxalifəti göstərir. Müstəqil televiziyadır, hamısını göstərir. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli Sədr, çıxışımın əvvəlində Qüdrət Həsənquliyevin Azərbaycan Respublikası qoşunlarının İraqdan çıxarılması haqqında təklifini müdafiə edirəm, ona qoşuluram.
Hər il qış qurtaranda, yaz gələndə rayonlarda elektrik təchizatı yaxşılaşırdı. Amma bu il əksinə baş verib. İstilərin nisbətən düşməsinə baxmayaraq, konkret olaraq mənim deputat olduğum dairədə, bütövlükdə Sabirabad rayonunda elektrik təchizatı daha da pisləşib. Bir sıra kəndlərdə, yaşayış məntəqələrində bu təchizat dayandırılıb. Bunun rəsmən izahatının verilməsi üçün mən burada deputat sorğusu ilə müraciət edirəm. Rəsmən həmin sorğunu əlaqədar təşkilatlara göndərəcəyəm.
Birincisi, bizə çox böyük müraciətlər gəlir. İkincisi, kənd təsərrüfatına yanacaqla bağlı ayrılmış pul əkinçilik sisteminə kömək eləmək əvəzinə bir az da dağınıqlıq gətirir. Vəziyyət qeyri-müəyyəndir. Ona görə də yerlərdə konkret olaraq fermerlər bu məsələlərdə konkret qərarların qəbul olunmasını və tədbirlər görülməsini tələb edirlər. Xahiş edirəm, Kənd Təsərrüfatı Nazirliyi və Nazirlər Kabineti bu məsələyə diqqətlə yanaşsın. Əks təqdirdə kənd təsərrüfatında fəlakətli vəziyyət daha da ağırlaşacaq.
Üçüncüsü, bizim deputatların fəaliyyəti ilə bağlı qanunun müvafiq maddələri var ki, seçicilərlə iş aparmaq üçün yerli icra hakimiyyəti orqanları tərəfindən şərait yaradılmalıdır. Bizə böyük hörmət göstərilib, bizə köməkçilər təyin olunub.
Sədrlik edən. Ay hörmətli Pənah bəy, köməkçilər təyin olunmayıb, köməkçiləri siz özünüz seçmisiniz. Bu fikir çox səslənir. Qəzetlər yazırlar ki, köməkçiləri Oqtay Əsədov təyin eləyir.
P. Hüseyn. Yox, köməkçilər bizim təqdimatımızla təyin olunurlar. Bu barədə müvafiq əmri də Milli Məclis Aparatının hörmətli rəhbəri verib. Onların da deputatlar kimi hazırda iş yerləri yoxdur. Aparat deyib, təyin edəcəyik, amma dünəndən Aparat bunu deputatların üzərinə qoymağa başlayıb.
Dördüncüsü, bütövlükdə bu məsələ Milli Məclisin deputatlarının səlahiyyətlərinə aiddir. Sonda xahiş edirəm, deputat Hüseyn Abdullayev saxlanarkən ona təzyiq göstərilməsi, döyülməsi, başına çuval keçirilməsi barədə mətbuatda gedən məlumatlara prokurorluq aydınlıq gətirsin, izah edilsin. Belə bir hal olubsa, günahkarlar cəzalandırılsınlar. Hörmətli ombudsman da bunu təsdiq edib. Üzr istəyirəm, hörmətli Oqtay müəllim, əgər onun başına çuval keçirilibsə, bu, bütövlükdə sədarət daxil olmaqla Milli Məclisin, bütün deputatların başına keçirilmiş çuvaldır.
Sədrlik edən. Bu Sizin şəxsi fikriniz ola bilər. Xahiş edirəm, hər yazılana da inanmayın. Yüzlərlə yazılar gedir. Senzura yoxdur. Cavab vermirlər, mən cavab verəcəyəm.
İkincisi, nə Milli Məclis, nə də Milli Məclisin Aparatı heç bir millət vəkilinə deməyib ki, onlara verilən otaqların təmiri ilə məşğul olacaq. Xahiş edirəm, burada belə söhbət qaldırmayaq. Milli Məclis deyib ki, köməkçiləri texniki avadanlıqla – faksla, telefonla, aparatla təmin edəcəklər. Təmir söhbətlərini bura salmayın. Yer məsələsi haqqında müraciətlər olunub. Hər bir millət vəkilinə yer də veriləcək. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sabah azərbaycanlıların soyqırımı günüdür. Təbii ki, belə bir soyqırımına məruz qalmış xalq kimi, biz buna oxşar hadisələrə – insanlara qarşı olan soyqırımılara çox diqqətli və həssas yanaşmalıyıq. Azərbaycana müttəfiq olan Ukrayna xarici siyasətinin üstün istiqamətlərindən biri Ukrayna xalqına qarşı 1930-cu illərdə törədilmiş soyqırımı – “qolodomor” haqqında sənədi qəbul etməkdən ibarətdir. Bu istiqamətdə Ukrayna parlamenti özünə dost olan ölkələrə, parlamentlərə dəfələrlə müraciət edib. Xatırlatmaq istərdim ki, Ukrayna dövlətinin Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli ilə bağlı olan mövqeyi bizim mövqeyimiz ilə üst-üstə düşür. Düşünürəm ki, biz bu istiqamətdə Ukrayna parlamenti ilə münasibətlərimizi qura bilər və qarşılıqlı şəkildə Ukrayna parlamentinin Xocalı soyqırımını, eyni zamanda, Azərbaycan parlamentinin “qolodomor” sənədini qəbul etməsi mümkündür. Beləcə, beynəlxalq ictimaiyyətə insanlığa qarşı olan cinayətlərin heç vaxt unudulmaması barədə mesaj verə bilərdik.
Hörmətli cənab Sədr, çox istərdim ki, Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatlarda 1918-ci ildə insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı müvafiq sənədlərin qəbul olunması istiqamətində işlərimizi gücləndirməliyik. Ermənistanın təbliğat işinin nəticəsində hətta Rusiya Dumasında erməni soyqırımı ilə bağlı iki sənəd qəbul olunub. Mən düşünürəm ki, Azərbaycan MDB Parlament Assambleyasına, Avropa Şurasına, ATƏT-in Parlament Assambleyasına üzv olduğumuz təşkilatlara soyqırımı ilə bağlı müvafiq sənədləri təqdim etməliyik. Bu il də nail ola bilməsək, gələn il bu istiqamətdə mütəmadi iş aparmalıyıq. İnsanlara, mülki əhaliyə qarşı olan hərbi cinayətlərin zaman məhdudiyyəti yoxdur. Onlar mütləq qınanmalıdırlar ki, belə hadisələr təkrar olunmasın. Düşünürəm ki, Xocalı soyqırımı ilə bağlı Parlament Assambleyasında müvafiq sənədin qəbul olunmasına nail ola bilərik.
Sədrlik edən. Çox sağ olun, Asim müəllim. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, dəyərli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən bir məsələyə toxunmaq istəyirəm. Ağdərə rayonunun bir qrup sakini mənə məktub göndərib. Burada qeyd olunur ki, 1992–1993-cü illərdə Ağdərəyə rayon statusu verilsə də, sonradan rayon statusu ləğv olunub. Həmin rayonun sakinləri artıq 1993-cü ildən etibarən Tərtər, Kəlbəcər və Ağdam rayonlarına paylanılıb və faktiki olaraq, məhz həmin rayonların sakinləri kimi qeydiyyata alınıblar. Çox haqlı olaraq belə bir narahatçılıq ifadə olunur ki, hazırda Dağlıq Qarabağda işğal olunmuş ərazilərdə ermənilər süni şəkildə demoqrafik dəyişiklik etməyə səy göstərirlər. Yerlərdə qanunsuz olaraq insanları məskunlaşdırmağa çalışırlar. Təbii ki, gələcəkdə Dağlıq Qarabağın Azərbaycanın əhalisinin tərkibinin bu cür süni şəkildə azaldılması istiqamətində iş gedir. Belə olan halda biz Ağdərə rayonunun statusunu bərpa etməliyik. Ağdərə rayonu Dağlıq Qarabağın ayrılmaz hissəsi kimi, Qarabağın inzibati ərazisi kimi öz fəaliyyətini bərpa etməlidir. Həmin ərazinin sakinləri də məhz Dağlıq Qarabağın sakinləri kimi qeydə alınmalıdırlar. Heç şübhə yoxdur ki, nə zamansa əhalinin sayındakı bu uyğunsuzluq bizim ziyanımıza işləyə bilər. Ona görə də düşünürəm ki, Milli Məclisin sahəsində olduğuna görə bu məsələyə baxmalıdır. Xüsusən nəzərə almalıyıq ki, bu gün Ağdərə rayonunun 8 kəndi bizim nəzarətimiz altındadır və Ağdərə rayonuna ermənilər tərəfindən qanunsuz iddialar davam etməkdədir.
İkinci qısa toxunacağım məsələ son zamanlar orduda şəhidlərin sayının artması ilə bağlıdır. Təbii ki, orduda müəyyən təlimlər gedir, müəyyən hadisələr baş verir. Burada təbii və obyektiv məqamlar ola bilər. Amma son bir ayda ordunun ona yaxın şəhid verməsi və orduda bu cür ölüm hadisələrinin baş verməsi, təbii ki, bizi narahat etməyə bilməz. Burada dəfələrlə məsələ qaldırılıb ki, müəyyən komissiya yaradılsın, işçi qrupu yaradılsın. Amma mən hesab edirəm ki, buna o qədər ciddi ehtiyac olmasa da, müəyyən komissiya var. Ziyafət müəllimin rəhbərlik etdiyi Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası var. Bəlkə biz həmin komissiyadan xahiş edək ki, bununla bağlı araşdırma aparılsın, cəmiyyətdə olan narahatçılığa müəyyən mənada aydınlıq gətirilsin. Ona görə də mən bu iki məsələni diqqətinizə çatdırmaq istərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən gündəliklə bağlı bir neçə məsələni qeyd etmək istəyirdim. Lakin buradakı çıxışlara öz münasibətimi bildirmək istəyirəm.
Birinci növbədə, cənab Sədr, məsələyə çox düzgün münasibət bildirdiniz ki, bu müqayisələri haradan götürürlər? Avropa Birliyinin təşəbbüsü ilə üç dövlətdə işçi qrupu tərəfindən ermənilərin iştirakı ilə bank, nəqliyyat və ətraf mühitin mühafizəsi ilə bağlı məlumat hazırlanıb. Bütün göstəricilərdə Azərbaycan Ermənistandan və Gürcüstandan beş-altı dəfə irəlidə gedir. Bu yazıları haradan götürüblər? Əgər lazımdırsa, mən verə bilərəm, oxusunlar, baxsınlar. Dünən də bunun təqdimat mərasimi keçirildi. Yəni Azərbaycanın iqtisadi göstəriciləri nəinki Ermənistanla, hətta Avropanın inkişaf etmiş dövlətləri ilə müqayisə olunur.
Başqa bir məsələ. Vallah, kimsə çayxanada hansısa söhbəti eşidirsə, gəlib Milli Məclisdə həm prokuror rolunu oynayır, həm məhkəmə rolunu oynayır, həm iş verir, həm tutur, həm də başqa bir işlə məşğul olur. Bu işlə məşğul olan hüquq mühafizə orqanları var. Mən hesab edirəm ki, bu cür söhbətlər Milli Məclisin müzakirəsinə daxil olan məsələ deyil.
Üçüncü bir məsələ. Azərbaycan ordusunun sülhməramlı qüvvələrin tərkibində iştirakı Azərbaycanın terrora qarşı mübarizəsini göstərir. Ərazisində müharibə gedən bir ölkənin belə bir təcrübə toplaması gələcəkdə Cənubi Qafqazda da bu cür proseslərdə iştirak etməsi baxımından vacib məsələlərdən biridir. Hesab edirəm ki, bununla bağlı söylənilən fikirlər o qədər də məqsədəuyğun deyil və məqsədəuyğun olmadığına görə də hər hansı bir qərarın qəbul olunmasına ehtiyac yoxdur. Azərbaycan ordusu təcrübə toplayır və bundan sonra da Kosovada, İraqda və digər yerlərdə təcrübə toplayacaq.
Bir məsələyə də xüsusi fikrimi bildirmək istəyirəm. Burada deputat həmkarımız Pənah Hüseyn bildirdi ki, kiminsə başına çuval keçiriblər. Mən bildiyimə görə, Pənah müəllim təcrübəli yoldaşdır, çuvala qarpız yığarlar, soğan yığarlar, çuvalı insanın başına keçirməzlər. Ona görə də fikri söyləyəndə, heç olmasa, fikrin əsaslı şəkildə olmalıdır. Qanun layihəsi ilə bağlı kiminsə təklifi varsa, versin, təklif yoxdursa, bizi də vadar etməsinlər ki, hər hansı bir qanun layihəsi ilə deyil, müəyyən məsələlərlə bağlı çıxış eləyək. Sağ olun.
Sədrlik edən. Ayrılmış vaxt qurtardı, gündəliyə keçirik. Gündəliyin birinci məsələsi “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının imtiyaz və immunitetləri haqqında” Protokolun təsdiq edilməsi barədədir. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının imtiyaz və immunitetləri haqqında” Protokolu 2003-cü il oktyabr ayının 31-də Bakı şəhərində imzalanmışdır. Protokolu komissiyamızda müzakirə etmişdik. Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür və beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərərək nümayəndə heyətlərini göndərir. O cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı nümayəndə heyətimiz də aktiv fəaliyyətdədir. Beynəlxalq praktikaya əsasən orada müzakirə olunan məsələlər və sənədlər həmin sazişə uyğun olaraq immunitetlərə malik olmalıdırlar. Ona görə də, bu texniki məsələ olsa da, çox vacib məsələdir. Komissiyamız yekdilliklə müsbət fikir söyləmişdir. Mən də millət vəkillərindən xahiş edirəm ki, bu sazişə öz müsbət fikirlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Müzakirədə iştirak eləyən yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin. Xahiş edirəm, deputatları dəvət eləyin. Səsvermə vaxtıdır.
Hörmətli millət vəkilləri, gəlin, bir-birimizə hörmət eləyək. Biz iclasa hələ təzə başlamışıq, amma deputatların yarısı yerinə əyləşməyiblər. Xahiş edirəm, səsverməni bir də təkrar edin.
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 94
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 0 
İştirak edir 99
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsinə keçirik. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə. Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizə məlum olduğu kimi, bu ilin əvvəlində Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid Məhəmməd Əl Anqare Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfərin yekununda 2007-ci il yanvar ayının 15-də Bakı şəhərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Həmin sənədin təsdiq edilməsi barəsində qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə daxil olmuşdur. Bu sənəd 2007-ci il mart ayının 13-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasında müzakirə olunmuş və təsdiq olunmaq üçün Milli Məclisə tövsiyə edilmişdir.
Öncə qeyd edim ki, həmin sənədin, yəni Memorandumun qəbul olunması üçün əsas hüquqi baza kimi hələ 2004-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının hökumətləri arasında iqtisadi, ticarət, investisiya, texniki, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında bağlanmış saziş dayanır. Konkret Memoranduma gəldikdə isə o, hər iki ölkənin Təhsil Nazirliyinin müəssisələri arasında geniş miqyaslı əməkdaşlığı nəzərdə tutur.
Mən hörmətli millət vəkillərinin diqqətini əməkdaşlığın konkret olaraq aşağıdakı istiqamətlərinə cəlb etmək istərdim. Birinci növbədə hər iki ölkənin akademik və tədqiqat institutları arasında birbaşa elmi və təhsil əlaqələrinin yaradılması məsələsi, müəllim heyətinin və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi, müxtəlif istiqamətlərdə, xüsusi ilə tətbiqi fənlər sahəsində birgə elmi tədqiqatların aparılması, ali təhsil müəssisələrinin kadrlarının texnika, tibb və texnologiya sahələrində ixtisaslarının artırılması üçün şəraitin yaradılması, qarşılıqlı olaraq diplomların və elmi dərəcələrinin tanınması məqsədi ilə məlumat mübadiləsi aparılması, tarixi əlyazmaların, arxivlərin, arxivlərdə mövcud olan tarixi sənədlərin mübadiləsi və həmin sənədlərdən alimlərin, təhsil işçilərinin istifadəsi prosesinin təmin olunması nəzərdə tutulur.
Həmçinin Azərbaycan dilinin Səudiyyə Ərəbistanının təhsil müəssisələrində tədrisinə, eləcə də ərəb dilinin Azərbaycanın təhsil müəssisələrində tədrisinə dəstək verilməsi və digər sahələrdə əməkdaşlıq sənəddə öz əksini tapır.
Komissiya üzvlərinin yekdil fikridir ki, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi olduqca vacibdir. Əgər nəzərə alsaq ki, Azərbaycan təhsili bu gün yeniləşir, inkişaf edir və dünya təhsil sisteminə çox sürətlə inteqrasiya olunur, onda bu sənədin zəruriliyi aydın olar. Ona görə də mən hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu sənədə öz müsbət fikirlərini bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, bu qanun layihəsinin qəbul edilməsi çox mühüm və aktual məsələdir. Ona görə ki, biz, adətən, Avropa ölkələri ilə, Amerika ilə və başqa dövlətlərlə müəyyən sahələrdə memorandumlar imzalayır, əlaqələr yaradırıq. Lakin Şərq dövlətləri ilə belə bir addımın atılması, belə bir layihənin imzalanması çox mühüm əhəmiyyətə malik məsələdir.
Mənim yaxşı yadımdadır. 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı ilə belə bir iqtisadi, ticarət, investisiya, texniki, mədəniyyət və idman sahəsində əməkdaşlıq haqqında müəyyən saziş imzalanmışdır. Lakin çox mühüm əhəmiyyət kəsb edən, strateji məsələ olan təhsil ilə əlaqədar heç bir münasibət yaradılmamışdır. Bu layihənin qəbul edilməsi çox mühüm əhəmiyyətə malikdir. Burada qəbul olunmuş maddələr çox əhəmiyyətlidir.
Lakin burada mənim bir təklifim var. Maddə 5-də deyilir ki, tərəflər iki ölkənin ali təhsil müəssisələrinin kadrlarının, xüsusi ilə, texnika, tibb və texnologiya sahələrində ixtisaslarının artırılması üçün şəraitin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər. Çox yaxşı olar ki, buraya humanitar sahə də əlavə olunsun. Çünki bilirsiniz ki, Azərbaycan xalqının, ədəbiyyatının, Azərbaycan dilinin tarixi birbaşa ərəb dili ilə, ərəb ölkələri ilə bağlıdır. İstər-istəməz ixtisasların artırılmasında və ya klassik ədəbiyyatın ciddi və mükəmməl öyrənilməsi üçün humanitar sahədə də əlaqələrin yaradılması mühüm bir məsələdir.
Burada bir maddə də çox böyük əhəmiyyətə malikdir. Deməli, “tərəflər bir-birinin tanınmış elmi və ədəbi əsərlərinin tərcümə və nəşr olunmasını təşviq edəcəkdir”. Bir az qaralanıbdır. Doğrudan da, bizim əsərlər çox zaman ingilis, fransız dillərinə tərcümə olunur. Ancaq ərəb dünyasına, müsəlman dünyasına ya tərcümə olunmur, ya da çox zəif şəkildə çatdırılır. Ona görə də belə bir maddənin əlavə olunması vacibdir. Azərbaycan dilinin orada, ərəb dilinin isə burada mükəmməl şəkildə öyrənilməsi indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Mən bu layihənin imzalanmasını çox yüksək qiymətləndirirəm və ona səs verəcəyəm. Hamının da səs verməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi bizim komissiyada müzakirə olunub və mən onun lehinə səs vermişəm. Sözsüz ki, indi də onun lehinə səs verəcəyəm. Amma mən burada iki məsələ haqqında danışmaq istərdim.
Birincisi, qanun layihəsi burada kifayət qədər şərh olundu. Mən onun hər bir maddəsi haqqında danışmayacağam. Burada maddə 14-də deyilir: “Tərəflər öz aralarında mübadilə olunan məlumatları istifadə və manipulyasiya etməyəcəkləri, razılaşdırılmış məqsədlər istisna olmaqla, onlardan istifadə etməyəcəkləri barədə razılığa gəldilər”. Mən hesab edirəm ki, bu cümlədə bir qədər məntiqi ardıcıllıq yoxdur və bu cümlə mütləq yenidən redaktə olunmalıdır.
Başqa bir məsələ haqqında da danışmaq istərdim. Sözsüz ki, Səudiyyə Ərəbistanı Azərbaycan üçün dost ölkədir. Bizi bir çox tellər bağlayır. Əlbəttə, Səudiyyə Ərəbistanı islam dininin mərkəzidir. İslamın iki müqəddəs ocağı orada yerləşir. Hər bir müsəlman ölkəsi üçün bu ölkə xüsusi əhəmiyyət kəsb edir. İslam Konfransı Təşkilatı çərçivəsində Səudiyyə Ərəbistanı daim Azərbaycanın mənafeyini qoruyubdur, dəstəkləyibdir. Həmişə Səudiyyə Ərəbistanı beynəlxalq təşkilatlarda bizim mövqelərdən çıxış edibdir. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr yaratmayıbdır. Ermənistan hökumətinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Səudiyyə iqtidarının sözü bir olubdur ki, nə vaxtacan Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə davam edəcək, əməkdaşlıq haqqında, diplomatik münasibətlərin yaranması haqqında söhbət gedə bilməz.
Mən burada bir məsələni vurğulamaq istərdim. Biz bilməliyik ki, Səudiyyə Ərəbistanında təhsil hansı xarakter daşıyır? Səudiyyə Ərəbistanında təhsil dini əsaslarla təşkil olunubdur və 99 faiz dini xarakter daşıyır. Səudiyyə Ərəbistanının təhsili dini maarifləndirməyə yönəlibdir. Bunu biz bilməliyik. Odur ki, bu gün də Səudiyyə Ərəbistanında təhsil məcburi xarakter daşımır. Qadınlarla kişilər ayrı-ayrılıqda təhsil alırlar. Ölkədə qadınlar üçün ali təhsil müəssisəsi yalnız 1964-cü ildə yaranıbdır.
2003-cü ildə aparılan sorğuya görə Səudiyyə Ərəbistanının əhalisinin yalnız 64 faizi savadlı olubdur. Biz bunları nəzərə almalıyıq ki, orada tam dini təhsil verilir. Biz təhsil sahəsində mübadilə aparanda, öz tələbələrimizi ora göndərəndə onlar yalnız dini təhsil alıb qayıdacaqlar. Bu insanlar ölkəyə qayıdırlar, burada isə dini təhsil almış insanlar özlərinə iş yeri tapa bilmirlər. Siz təsəvvür edin, ildən-ilə ölkədə dini təhsil haqqında diplomu olan insanların sayı çoxalır. Lakin onlar işsizlər ordusunu doldururlar. Sabah Azərbaycan üçün biz problem yaratmırıqmı? Mən xahiş edirəm, gələcəkdə bu kimi müqavilələr bağlananda bu məsələ nəzərə alınsın.
Bir də mən öz arzumu bildirirəm. Mən istərdim ki, gələcəkdə bu kimi müqavilələr daha mütərəqqi, daha yüksək inkişaf səviyyəsi ilə fərqlənən ölkələrlə bağlansın. Elm və təhsil sahəsində daha yüksək nailiyyətlər əldə etmiş mütərəqqi ölkələrlə bu kimi sazişlər bağlansın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Gövhər xanım, bu Memoranduma Sizin komissiyada baxılıb. Sizin oradakı mövqeyinizdən mənim xəbərim yoxdur, lehinə, ya əleyhinə səs vermisiniz. Ancaq biz Memorandumda dəyişiklik aparmırıq. Biz mövqeyimizi bildiririk. Lehinə, yaxud əleyhinə səs veririk. Memorandumda dəyişiklik eləmək yeri deyil. Komissiyada necə səs verilib? Şəmsəddin müəllim, lehinə səs verənlər olub?
Ş. Hacıyev. Hamı, o cümlədən Gövhər xanım da dəstəkləyib. Müsbət səs verib. Amma icazə olar, Oqtay müəllim, iki kəlmə əlavə edim?
Sədrlik edən. Yox, çıxışa icazə yoxdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədədir. Mən sizin nəzərinizə çatdırıram ki, bu məsələnin müzakirəsində maliyyə nazirinin müavini Azər Bayramov, Auditorlar Palatasının sədri Vahid Novruzov və idarə rəisləri iştirak edirlər. Əgər 3-cü və 4-cü məsələlərlə bağlı suallar olsa, cavab verəcəklər. Söz verilir Ziyad Səmədzadəyə. Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlar çərçivəsində maliyyə nəzarəti sisteminin beynəlxalq tərəflərə uyğunlaşdırılması sahəsində mühüm addımlar atılır. Auditorun mülki hüquq məsuliyyətinin icbarı sığortası haqqında Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə 2006-cı il noyabrın 29-da müzakirə edilmək üçün Milli Məclisə göndərilmişdir. Qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında Maliyyə və Vergilər nazirliklərinin, Milli Bankın, Auditorlar Palatasının nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilmişdir.
Qanun layihəsi hazırlanarkən ölkəmizin qanunvericilik aktlarının tərəfləri nəzərə alınmış, bu sahədə Almaniya, Qazaxıstan, Moldova, Rusiya Federasiyasının təcrübəsindən istifadə edilmişdir. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında qanun layihəsinin hazırlanmasının hüquqi bazasını “Auditor xidməti haqqında”, “Sığorta haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir.
Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanun layihəsi auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılmasını, həmçinin auditor xidmətinin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin qarşılanması üçün münbit şəraitin yaradılmasının təmin edilməsini nəzərdə tutur.
Auditorun mülki hüquq məsuliyyəti auditor xidmətinin göstərilməsinə dair bağlanmış müqaviləyə görə göstərilən auditor xidməti nəticəsində vurulan zərərin ödənilməsi üçün auditorun götürdüyü öhdəlikdir. Auditorun mülki hüquq məsuliyyətiin icbari sığortası isə qanunvericiliklə müəyyən edilmiş qaydada audit xidməti göstərən auditorun öz mülki hüquq məsuliyyətini sığorta etdirmək məqsədi ilə yalnız sığorta və təkrar sığorta fəaliyyəti göstərən və xüsusi razılıq, lisenziya almış hüquqi şəxslə müqavilənin bağlanması yolu ilə aparılan sığortadır.
Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasının ərazisində auditor xidməti ilə məşğul olan auditorların auditin subyekti qarşısında mülki hüquq məsuliyyətinin icbari sığortası sahəsində münasibətlərin tənzimlənməsi və mülki hüquq məsuliyyətinin icbari sığortasının hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsidir.
Qanun layihəsi 20 maddədən ibarətdir. “Əsas anlayışlar” adlanan 1-ci maddədə layihədə istifadə olunan əsas anlayışlar açıqlanır. Layihənin 2-ci, 3-cü, 4-cü maddələrində auditorun mülki hüquq məsuliyyətinin icbari sığortasının obyekti, sığorta ərazisi məsələləri araşdırılır.
Qanun layihəsinin 5-ci maddəsində auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması, audit aparılan zaman audit prinsiplərinə və standartlarına lazımi qaydada riayət edilməməsi, mühasibat, maliyyə, vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi, aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün auditor tərəfindən düzgün tövsiyələrin verilməməsi, işlərin keyfiyyətsiz görülməsi, işlərin yerinə yetirilməsi müddətinə riayət edilməməsi, auditor tərəfindən məxfilik prinsipinin pozulması auditorun mülki hüquq məsuliyyəti halları kimi müəyyən edilir.
Bununla yanaşı, zərər sifarişçi ilə auditor arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş vəzifələrin sifarişçi tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verdikdə və auditorun səlahiyyətli dövlət orqanlarından və digər əlaqəli tərəflərdən aldığı məlumatlarda onun səhv rəy verməsinə səbəb olan nöqsanların mövcud olması auditorun mülki hüquq məsuliyyətindən azad edilməsi halları kimi müəyyən edilir.
“Sığorta haqqında” Azərbaycan Respublikasının müvafiq Qanununa uyğun olaraq layihənin 7-ci və 8-ci maddələrində sığortaçının və sığortalananın hüquq və vəzifələri kifayət qədər geniş təsbit edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sığorta müqaviləsində müəyyən edilən sığorta ödənişi və sığorta haqlarının ödənilməsi şərtlərinə əsasən sığortalı müəyyən olunan müddətlərdə sığorta haqqını ödəməli, sığortaçı isə sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə auditin subyektinin irəli sürdüyü iddialar üzrə sığorta ödənişini həyata keçirməlidir.
Layihənin 9-cu maddəsində sığorta müqaviləsinin müddəti, qüvvəyə minməsi, sığorta şəhadətnaməsinin verilməsi və sığorta müqaviləsinə xitam verilməsi qaydaları öz əksini tapmışdır. Layihənin 10-cu maddəsi sığorta məbləğinin və sığorta haqqının müəyyən edilməsi, sığorta ödənişinin həyata keçirilməsi qaydalarına həsr edilmişdir.
Sığortalının informasiya bazasını Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktları, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən hazırlanan və onun şurası tərəfindən təsdiq edilən milli audit standartları, qaydalar, şərtlər, normativ sənədlər, metodik göstərişlər və auditin aparılmasına dair audit proqramları, onun maddi-texniki bazasını isə mülkiyyətində olan avadanlıqlar, proqramlar və digər müasir texniki vasitələr təşkil edir.
Sığortalının eyni risklərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi olduqda auditin subyektinə dəyən zərərin ödənilməsi üçün hər sığortaçı öz məsuliyyətinin həddi olan sığorta məbləğinin bütün müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə bərabər faiz miqdarında sığorta ödənişi verir.
Sığortalı sığortaçı ilə razılıq əsasında öz məsuliyyətini bu qanunla müəyyənləşdirilmiş sığorta məbləğindən artıq məbləğdə sığorta etdirmək hüququna malikdir. Sığorta haqqının miqdarı sığorta məbləği nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən baza sığorta tarifinin son həddinədək, yəni sığorta məbləğinin 5 faizinədək müəyyən edilə bilər. Göstərilmiş audit xidməti ilə əlaqədar sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verərsə, auditorun fəaliyyət dövrü də daxil olmaqla, müəyyən edilmiş müddətdə zərərçəkən auditin subyekti sığortaçıya və sığortalıya sığorta ödənişinin aparılmasını iddia etmək hüququna malikdir.
Layihənin 11-ci və 12-ci maddələrində sığorta məbləğinin alınması üçün müraciətin edilməsi və zərərin ödənilməsi qaydaları əks etdirilmişdir. Sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığorta hadisəsi baş vermirsə, sığortaçı sığortalıya onun ödədiyi sığorta haqqının 10 faizini qaytarır. Əgər sığortalı sığorta hadisəsinin baş verməməsinə, qarşısının alınmasına və ya dəyə bilən zərərin azaldılmasına hər hansı bir xərc çəkərsə, onda sığortaçı həmin xərcin əvəzini ehtiyat fondundan ödəyir.
Bu qanun layihəsi bir daha göstərir ki, Azərbaycanda islahatların daha da dərinləşməsi, maliyyə şəffaflığının təmin edilməsi, bütövlükdə auditorların apardığı işlərə görə məsuliyyət məsələsi burada öz əksini tapmışdır. Hesab edirəm ki, birinci oxunuş üçün bu, kifayət qədər təqdirəlayiq bir sənəddir. İqtisadi siyasət daimi komissiyasında müzakirə olunarkən bəzi məsələlər meydana çıxdı ki, onlar ətrafında da hazırda Maliyyə Nazirliyi, Milli Bank, Vergilər Nazirliyi və digər qurumlarla müəyyən iş aparılır.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə ehtiyac var? Xahiş edirəm, birinci oxunuşda səsə qoyaq.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsi. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi ölkə Prezidenti cənab İlham Əliyevin imzası ilə 2006-cı il noyabrın 15-də müzakirə edilmək üçün Milli Məclisə göndərilmişdir. Milli Məclisin 2006-cı il dekabrın 19-da keçirilən iclasında Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda geniş müzakirə olunmuş və hörmətli millət vəkilləri tərəfindən ayrı-ayrı maddələr üzrə bir sıra təkliflər bildirilmişdir.
Müzakirə zamanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, millət vəkilləri Əli Məsimli, Vahid Əhmədov, Nazim Məmmədov, Tahir Rzayev, Nizami Xudiyev, Baba Tağıyev, Eldar Quliyev və Xanhüseyn Kazımlı tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi məqsədi ilə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi yanında müvafiq işçi qrupu yaradılmışdır. Həmin işçi qrupu iki ay müddətində həmin təklifləri, habelə qanun layihəsi barədə Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə və Vergilər nazirliklərindən, Hesablama Palatasından, Milli Bank və Kapital bankdan daxil olan rəy və təklifləri öyrənmişdir. İşçi qrupunun 2006-cı il yanvarın 19-da keçirilən iclasında qanun layihəsinin bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Bununla yanaşı, qanun layihəsi ilə bağlı rəy və təkliflər Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının təşkil etdiyi “Dəyirmi masa”da, eləcə də İqtisadi siyasət daimi komissiyasının 2007-ci il martın 1-də keçirilən iclasında geniş müzakirə edilmişdir. Müzakirədə millət vəkilləri Azər Əmiraslanovun, Əli Məsimlinin, Vahid Əhmədovun, Əhəd Əhmədovun təklifləri, eyni zamanda, ayrı-ayrı nazirliklərin və qurumların mütəxəssislərinin, Maliyyə Nazirliyinin, Milli Bankın, Auditorlar Palatasının təklifləri nəzərə alınmış, qanun layihəsinin bəzi maddələrində əlavə və dəyişikliyin edilməsi məqbul hesab edilmişdir. Layihənin ikinci oxunuş üçün Milli Məclisin sessiyasının iclasına çıxarılması qərara alınmışdır. Məlumat üçün bildirmək istəyirəm ki, komissiyanın iclasında Dünya Bankının ölkə üzrə meneceri də iştirak etmişdir.
Birinci oxunuş zamanı müzakirələrdə hörmətli millət vəkillərinin təklifləri, eyni zamanda, ayrı-ayrı nazirliklərdən və aidiyyəti qurumlardan daxil olan təkliflər, əsasən, qanunun tətbiqi sahəsinin dəqiqləşdirilməsi, daxili audit xidməti əməkdaşlarının müstəqilliyinin konkret müəyyən edilməsi, qanunun ayrı-ayrı maddələrindəki “təsərrüfat subyektinin rəhbəri”, “ali idarəetmə orqanı” sözlərinin dəqiqləşdirilməsi, daxili audit xidmətinə qəbul ediləcək əməkdaşlar üçün tələb olunan iş stajlarının azaldılması, bu qanunun qəbul edilmiş qanunvericilik aktları ilə uyğunlaşdırılması və digər məsələlər nəzərə alınmışdır.
Bilirsiniz ki, Azərbaycanda çox uğurlu bank islahatları həyata keçirilir. Artıq respublikada aparılan bank islahatları dünya tərəfindən də qəbul edilir və Milli Məclis tərəfindən qəbul edilmiş “Banklar haqqında” Qanunda daxili auditlə əlaqədar çox dəyərli fikirlər var. Milli Məclisin komissiyasında, eləcə də Milli Bankın rəhbərləri ilə söhbət zamanı biz bildirmişik ki, “Banklar haqqında” Qanunda müəyyən olunmuş daxili audit qaydaları bu qanunda öz qüvvəsini saxlayacaq. Biz çalışmışıq ki, bu ziddiyyətlər olmasın.
Qanun layihəsinin birinci oxunuşunda, İqtisadi siyasət daimi komissiyasının iclasında, habelə aidiyyəti nazirlik və qurumlar tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınaraq, qanun layihəsinə aşağıdakı əlavə və dəyişiklik edilmişdir. Millət vəkillərinin, o cümlədən Əli Məsimlinin, Azər Əmiraslanovun, Vahid Əhmədovun, Nizami Xudiyevin, Xanhüseyn Kazımlının təklifi nəzərə alınaraq, layihənin preambula hissəsi təkmilləşdirilmişdir. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, millət vəkilləri Əli Məsimli, Nazim Məmmədov, Xanhüseyn Kazımlının və Ədliyyə Nazirliyinin əməkdaşlarının təklifləri nəzərə alınaraq, qanun layihəsinin ayrı-ayrı maddələri Mülki Məcəlləyə və digər qanunvericilik aktlarına uyğunlaşdırılmışdır. Qanunun tətbiqi dairəsinin dəqiqləşdirilməsi məqsədi ilə 2.1-ci maddədə müvafiq dəyişiklik edilmiş və təkrarçılıq aradan qaldırılmışdır.
Millət vəkillərinin və Maliyyə Nazirliyinin təklifi nəzərə alınaraq, daxili audit xidmətinin yaradılmasının qanunun əsas predmeti olması əsas götürülmüş, “Daxili nəzarət sisteminin yaradılması” adlanan 3-cü maddə layihədən çıxarılmış, sonrakı maddələr müvafiq ardıcıllıqla sıralanmışdır. Bilirsiniz ki, hazırda respublika hökuməti Maliyyə Nazirliyi və beynəlxalq qurumlarla Maliyyə intizamı haqqında qanun layihəsi hazırlayır. Ona görə də həmin maddənin buradan çıxarılması müsbət hal sayılmalıdır. Çünki gələcəkdə biz daha sanballı, daha sistemli qanun layihəsini Milli Məclisdə müzakirə edəcəyik. Millət vəkillərinin, Maliyyə və Vergilər nazirliklərinin respublikanın ali məktəblərində vergi ixtisası üzrə mütəxəssislərin hazırlanması ilə bağlı təklifləri nəzərə alınaraq 5.1.1-ci maddədə müvafiq dəyişiklik edilmişdir. Yəni bu gün Milli Bankın rəhbərliyi ilə söhbət əsnasında bir daha təsdiqləndi ki, oraya, eyni zamanda, “bank” sözü əlavə edilməlidir.
Müvafiq ixtisas üzrə bakalavr və magistr dərəcəsi almış gənc mütəxəssislərin öz ixtisasları üzrə işləməsinə şərait yaratmaq məqsədi ilə layihənin 8.1-ci maddəsinə müvafiq əlavə və dəyişiklik edilmişdir. Millət vəkillərinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınaraq, daxili audit xidmətinin təşkili ilə bağlı məsələlərin ilkin dövrlərdə mərhələlər üzrə tənzimlənməsi məqsədi ilə layihəyə “Keçid müddəaları” adlı yeni maddə əlavə edilib. Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, daxili audit xidməti müəssisənin daxilində tövsiyə xarakterli bir təşkilatdır. Onun məcburi xarakter alması o demək deyildir ki, biz qısa müddətdə bütün təsərrüfat subyektlərində daxili audit xidməti yaradacağıq.
Hörmətli Oqtay müəllim də iclasdan qabaq bu məsələni bir daha araşdırdı. Mən bildirmək istəyirəm ki, bu ciddi məsələdir. Oqtay müəllim haqlı olaraq soruşdu ki, bu məsələ nə yerdədir? Əgər biz bu gün maliyyə intizamından, şəffaflığından danışırıqsa, bütün təsərrüfat subyektlərində, mülkiyyət formasından asılı olmayaraq, bu xidmət formalaşmalıdır. Lakin bunu birdən-birə həll etmək olmaz. Bu, hər şeydən əvvəl müəssisənin özünün imkanlarından, müəssisənin özünün kadr potensialından, onun dövriyyəsindən asılıdır.
Mən sizə məlumat vermək istəyirəm ki, Milli Məclis tərəfindən qəbul edilən bir sıra qanunlarda da daxili auditin yaradılması çox vacib bir məsələ kimi qoyulmuşdur. Məsələn, “Banklar haqqında”, “Səhmdar cəmiyyətlər haqqında”, “Sığorta haqqında”, “İnvestisiya fondları haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Mühasibat uçotu haqqında” və başqa qanunlarda, həmçinin Mülki Məcəllədə bu fəaliyyətlə məşğul olan təşkilatlarda gələcəkdə daxili audit strukturunun yaradılması vacib sayılır.
Biz Milli Bankın, Maliyyə Nazirliyinin təkliflərini nəzərə alaraq “Keçid müddəaları” bölməsini əlavə etdik. Bu da bütövlükdə Azərbaycanın azad bazar münasibətlərinə keçən bir dövlət kimi, maliyyə resurslarından səmərəli istifadənin hüquqi əsaslarının yaradılmasında fəal iştirak edən bir dövlət kimi tanınması üçün çox vacibdir. Mən hesab edirəm ki, Oqtay müəllim, cənab Prezidentin imzalayacağı fərmanda bu məsələ öz əksini tapacaqdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sonda nəzərinizə çatdırmaq istərdim ki, ikinci oxunuş üçün sizin müzakirənizə təqdim edilən Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi bütün maraqlı tərəflərin, ilk növbədə, Milli Məclis üzvlərinin və İqtisadi siyasət daimi komissiyasının üzvlərinin təkliflərinin böyük əksəriyyətini özündə ehtiva edir və bizim fikrimizcə, Milli Məclis tərəfindən dəstəklənməyə layiqdir. Mən Milli Bankın, Maliyyə Nazirliyinin, Auditorlar Palatasının, Vergilər Nazirliyinin, Ədliyyə Nazirliyinin və digər qurumların rəhbərliyinə təşəkkür edirəm. Belə bir qanunun qəbul olunması gələcəkdə birmənalı şəkildə Azərbaycanda iqtisadi islahatların şəffaflığına, korrupsiya ilə əlaqədar həyata keçirilən tədbirlərin daha da genişlənməsinə təsir edəcəkdir.
Dünən mən Dünya Bankının mütəxəssisləri ilə görüşdüm. Bu görüşdə də belə bir qanunun vacibliyi vurğulandı. Eyni zamanda, onların təklifləri var. Yəqin ki, biz onları gələcəkdə Maliyyə Nazirliyi, Milli Bank və digər qurumlarla müzakirə etməliyik. Xahiş edirəm, ikinci oxunuş üçün bu qanun layihəsinin qəbul edilməsinə öz müsbət münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! Bu qanun layihəsi çox ətraflı və mükəmməl işlənilibdir. Bizim birinci oxunuşda qeyd etdiyimiz və göstərdiyimiz təkliflərin əksəriyyəti yüksək səviyyədə düzəldilibdir. Buna görə də mən İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə, komissiyanın üzvlərinə öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə, onların hazırladığı bütün layihələr mükəmməldir və ciddi mübahisəyə səbəb olmur.
Məlumat verildi ki, bu qanun layihəsi Azərbaycan Respublikasında daxili audit xidmətinin təşkilini, daxili auditin həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditin hüquq və vəzifələrini müəyyən edir. Menecmentin səmərəliliyinin artırılması daxili resurslardan istifadə edilməsini, risklərin idarə olunmasını nəzərdə tutur. Daxili audit xidməti təsərrüfat subyektinin fəaliyyətini təhlil edərək, maliyyənin, idarəetmənin, informasiya sisteminin daxili auditini təmin edir, təsərrüfat subyektinin fəaliyyətinin inkişafını və səmərəliliyini yüksəlmək məqsədi ilə müvafiq idarəetmə orqanına müstəqil, obyektiv, təmintedici hesabat verir. O, təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına tabe olan yeni bir struktur bölməsidir. Bu, şöbə də ola bilər, departament də, bölmə də.
Hər bir daxili audit xidməti əsasnamə əsasında fəaliyyət göstərəcək və bu əsasnamə təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı tərəfindən təsdiq ediləcəkdir. Təqdirəlayiq haldır ki, bu xidmət onun fəaliyyət göstərdiyi təsərrüfat subyektində nöqsan və çatışmazlıqları aşkar etmək, onların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görmək üçün yaradılır. Daxili audit xidməti maliyyənin, idarəetmənin fəaliyyətinin qiymətləndirilməsini və informasiya texnologiyası sistemlərinin daxili auditini təmin edərək resurslardan istifadənin səmərəliliyini və düzgünlüyünü, təsərrüfat subyektinin məqsədlərinə uyğun olub-olmamasını dəyərləndirir.
Bildirmək istəyirəm ki, qanun layihəsi ilə yaxından tanış olmuşam. Çox yüksək səviyyədə hazırlanıb və mən yeni struktur bölmənin yaradılmasının tərəfdarıyam. Yalnız onu qeyd etmək istəyirəm ki, “Daxili audit xidmətinin rəhbərinə dair tələblər” adlanan 5-ci maddənin 1-ci bəndinin ikinci hissəsində bir neçə ixtisas sadalanır. Deyilir ki, daxili audit xidmətinin rəhbəri bu ixtisaslar üzrə ali təhsilə malik olmalıdır. Belə çıxır ki, daxili audit xidmətinin rəhbəri bir neçə sahə üzrə ali təhsilə malik olmalıdır. Hesab edirəm ki, bu hissədə dəqiqləşdirilmə aparılmalıdır. Qalan hissələrlə razıyam və dəstəkləyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, ikinci oxunuşda biz əsas kimi səsə qoymalı idik. Amma mən gözlədim ki, bizim hörmətli millət vəkillərimiz əyləşsinlər, ikinci dəfə səsvermə keçirməyək. Xahiş edirəm, ikinci oxunuşda əsas kimi qəbul olunmasına münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirələrə davam edirik. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlarım, bu qanun layihəsi təsərrüfat subyektlərinin daha yaxşı idarə olunması, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, maliyyə intizamına ciddi riayət olunması, ən başlıcası, təsərrüfat subyektlərinin inkişafının düzgün müəyyən olunması istiqamətində mühüm bir layihədir. Qabaqcadan deyim ki, bu layihənin qəbul olunmasına mən də tərəfdaram, lehinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Amma layihə ilə bağlı mənim bir neçə təklifim var.
Birinci növbədə mən həmkarlarımın nəzərini 1.0.9-cu maddəyə cəlb eləyirəm. Orada “məcburi auditin obyekti” anlayışı ilə 2.1-ci maddədə “məcburi auditin subyekti” anlayış arasında fərq qoymaq lazımdır. Bəlkə də mexaniki səhvdir. Burada söhbət məcburi auditin subyektindən gedir, obyektindən yox.
Bundan başqa, 2.1-ci və 2.2-ci maddələrə həmkarlarım diqqətlə baxsalar, görərlər ki, burada bir sıra təsərrüfat subyektlərində məcburi auditin iki forması mümkündür: məcburi formada və könüllülük prinsipi əsasında yaranan təsərrüfat subyektləri. Amma bunların arasında hədd qoyulmur. Bilinmir ki, hansı təsərrüfat subyektlərində audit məcburi qaydada yaradılmalıdır. Çünki “Əsas anlayışlar” bölümündə məcburi auditin subyektinin anlayışı verilməyib. 2.1-ci maddəyə baxsanız, görərsiniz ki, bu maddə mücərrəd xarakter daşıyır, fikri düz ifadə eləmir. Baxın, bu maddəyə görə qanun məcburi auditin subyekti olan bütün təsərrüfat subyektlərinə şamil olunur. Hansı təsərrüfat subyektlərinə? Hansı təsərrüfat subyektlərində audit məcburi qaydada və ya könüllülük prinsipi əsasında yaradılmalıdır? Əgər bu iki müddəa bu formada qalarsa, hesab edirəm ki, qanunun təsdiqi zamanı çox böyük çətinliklər meydana çıxacaq. Çünki aydın deyil ki, söhbət hansı təsərrüfat subyektlərindən gedir.
Bundan başqa, mənim prinsipial xarakterli ən mühüm təkliflərimdən birini hörmətli Nizami müəllim məndən əvvəl çıxış eləyəndə dedi. Doğrudan da, hesab edirəm ki, 5.1.1-ci maddəni hökmən düzəltmək lazımdır. Burada daxili auditin rəhbərinə olan tələblərdən bəhs olunur. Yazılır: “mühasibat uçotu, audit, iqtisadçı, vergi və hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmalıdır”. Belə çıxır ki, bu insan sadalanan altı ixtisas üzrə ali təhsilə malik olmalıdır.
Eyni ilə 8.1-ci maddədə beş ixtisas sadalanır. Daxili auditora olan tələblərdir. O da həmin qaydadadır. Bunu da düzəltmək lazımdır. Daxili auditin rəhbərinə olan tələblərə görə əlavə olaraq vergi ixtisası üzrə ali təhsilə malik olan şəxs daxili auditin rəhbəri vəzifəsində işləyə bilər. Amma daxili auditor vəzifəsində işləyə bilməz. Daxili auditor vəzifəsində isə vergi ixtisası nəzərdə tutulmayıb. Axı, sıravi auditora da vergi ixtisası lazımdır. Çünki daxili audit yoxlamalarında, birinci növbədə, vergi qanunvericiliyinin pozulması hallarının müəyyən olunmasından söhbət gedir. Ona görə də mən hesab edirəm ki, daxili auditora olan tələblərdə də vergi ixtisası salınmalıdır.
Bundan başqa, sırf texniki xarakterli 11-ci maddəni mən nəzərinizə çatdırmaq istəyirəm. Orada da təkrarçılıq var: “Daxili audit sahəsində dövlət tənzimləməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir”, “Tənzimlənir” sözü təkrarlanır. İkinci halda “tənzimlənir” sözünü “həyata keçirilir” ifadəsi ilə əvəz etsək, düzgün olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, çox vacib olan bu qanun layihəsinin gec-tez qəbul olunması lazımdır. Mən bəzi iradlarımı, təkliflərimi bundan öncə bildirmişdim və bəzi dəyişikliklər olubdur. Mənim fikrimcə, yenə də bu layihə üzərində işləmək lazımdır. Çünki bu qanun layihəsi çox incə, həssas bir məsələni əhatə eləyir. Yəqin ki, bu iş davam edəcəkdir.
Vaxtınızı almamaq üçün qısaca bir neçə qeydimi çatdırmaq istəyirəm. Bundan öncə müzakirə elədiyimiz qanun layihəsindən bunu oxuyanda belə bir fikir yaranır ki, bu iki qanun layihəsini Azərbaycan dilini fərqli səviyyədə bilən iki insan yazıb. Bu ifadəmə görə çox üzr istəyirəm. Preambulanı oxuyum. Düzdür, “ preambula”ya Azərbaycan dilində başqa cür deyirlər. Ancaq bu sözdən istifadə edirik. Oxuyuram: “...vəzifələrini müəyyən edir, menecmentin səmərəliliyinin artırılmasını, daxili resurslardan rasional istifadə edilməsini, risklərin idarə olunmasını nəzərdə tutur”. Bir cümlədə, görün, neçə dənə lazım olmayan xarici, yabançı söz var. Mən bildiyimə görə Azərbaycan dilində “menecment” “idarəetmə”dir. “Resurs” “ehtiyat”dır, “rasional” “səmərəli” deməkdir və sair. Dərinə getmək istəmirəm. Amma mənim fikrimcə, bu nöqteyi-nəzərdən bu qanun layihəsinə mütləq baxılmalıdır. Yoxsa belə getsə, son nəticədə bir gün Azərbaycan Respublikasının qanunlarında xarici sözlərdən başqa söz tapılmayacaq.
Qanunun tətbiq dairəsi ilə bağlı məsələyə bayaq məndən öncə çıxışlarda toxunuldu. Bu qanun məcburi auditin subyekti olan bütün təsərrüfat subyektlərinə şamil edilir. Bunlar kimdir? Bu harada göstərilib? Başqa bir yerdə, başqa bir qanunda göstərilibsə, həmin qanuna istinad olunmalıdır. Göstərilməyibsə, burada açıqlıq gətirilməlidir. Məcburi audit varsa, həmin məcburi audit hansı təşkilatları, idarələri əhatə edir? Göstərilməyib.
“Qanunun tətbiq dairəsi” adlanan 2-ci maddəsində məcburi auditin subyektindən və könüllülük prinsipindən söhbət gedir. Nə deməkdir? Bunu anlamaq mümkün deyil.
Bir məsələyə də toxunmaq istəyirəm. Əgər fikir versəniz, bu gün beynəlxalq təcrübədə təşkilatların, şirkətlərin çoxu daxili auditdən, daxili mühasibatdan yox, müstəqil auditdən, müstəqil mühasibatdan istifadə edir. Elə olur ki, şirkət Amerikada yerləşir. Bu işləri aparan təşkilat isə İngiltərədə, yaxud Hindistanda yerləşir. Yəni müstəqil auditdən istifadə etməyə imkan olmalıdır. Çünki elə təşkilatlar olacaq ki, daxili auditi təşkil eləmək üçün maliyyə mənbəyi, yetərincə imkanı olmasın.
Mən təklif edərdim ki, 6-cı maddəyə yenidən diqqətlə baxaq. 6-cı maddədə bir cümlə ilə yazmışıq: “daxili audit xidməti işinin planlaşdırılmasında, daxili auditin aparılmasında və auditlə bağlı hesabatların hazırlanmasında müstəqildir”. Bu müstəqillik nə ilə təmin edilir? Mən idarə rəhbəriyəm, gəl, müstəqilliyini mənə isbat elə. Çox üzr istəyirəm, əgər müstəqillik varsa, deməli, bu müstəqilliyi təmin eləyən tədbirlər, qaydalar da təyin olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. Əlbəttə, səs vermək lazımdır. Ancaq bunun üzərində işləmək də lazımdır.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Ziyafət Əsgərov.
Z. Əsgərov. Sağ olun, hörmətli cənab Sədr. Hörmətli Ziyad müəllim, mən də Valeh müəllimin sözünə qüvvət verirəm. Burada konkret olaraq iki maddənin Azərbaycan dilinin qrammatik qayda-qanununa uyğunlaşdırılmasını təklif edərdim. Söhbət 5.1.1-ci maddədən gedir. Hörmətli həmkarlarım Rafael müəllim, Nizami müəllim də bu məsələyə toxundular. Düzdür, mən başa düşürəm ki, söhbət mühasibat uçotu, audit, maliyyə, iqtisadçı, vergi və hüquqşünas ixtisaslarının birindən gedir. Amma burada elə yazılıb ki, həmin şəxs, həmin rəhbər bu tələblərin hamısına cavab verməlidir. Yəni, eyni zamanda, 6 ixtisasa malik olmalıdır. Bu da mümkün deyil. Ona görə təklif eləyirəm ki, 5.1.1-də belə yazılsın: “muhasibat uçotu, audit, maliyyə, iqtisadçı, vergi və hüquqşünas ixtisaslarından biri üzrə ali təhsilə və həmin sahədə azı 5 illik staja malik olan şəxs”. Yəni söhbət həmin ixtisasların birindən gedir.
Eləcə də 8.1-ci maddədə cümlə çox qarışıq yazılıb. Ona görə də aydın olmur ki, burada söhbət həmin 5.1.1-ci maddədə olan vəziyyətdən gedir. Yəni daxili auditor, mühasibat uçotu, iqtisadçı və hüquqşünas ixtisaslarından, eyni zamanda, Azərbaycan dövlətinin tanıdığı xarici ölkələrdə bu ixtisaslardan biri üzrə təhsil alan və 4 illik iş stajına malik olan şəxslər nəzərdə tutulur. Bu, redaktə xarakterli bir məsələ olsa da, ciddi məsələdir. Təcrübədə çaşqınlıq yaratmamalıdır. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Əmiraslanov.
A. Əmiraslanov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İstənilən qanun layihəsinin mükəmməl bir şəkildə hazırlanması və onun qəbul edildikdən sonra normal işləməsi həmin qanunun konsepsiyasının, habelə predmeti olan məsələlərin düzgün qiymətləndirilməsindən çox asılıdır.
İkinci oxunuş üçün təqdim edilmiş Daxili audit haqqında qanun layihəsinin istər Milli Məclisdə, istərsə də komissiyada müzakirəsi bir daha göstərdi ki, daxili audit institutunun formalaşdırılmasının zəruriliyi ilə bağlı fikir ayrılığı olmasa da, aydınlaşdırılmalı bir çox məqamlar var. Bu məqamların üzərindən keçməyimiz layihənin əsas müddəalarının, daha doğrusu, daxili auditin məqsəd və vəzifələrinin təhrif olunmasına gətirib çıxara bilər. Bu məqamların bir çoxuna komissiya sədri hörmətli Ziyad müəllim aydınlıq gətirdi. Mən də bunu nəzərə alaraq, bəzi məqamların üzərində bir qədər geniş dayanmaq istərdim.
Sahibkarlıq fəaliyyətinə dövlət nəzarətinin liberallaşdırıldığı bir vaxtda daxili auditin inkişafı olduqca vacibdir. Belə bir xidmətin təşkilində ilk növbədə müəssisə özü maraqlı olmalıdır. Daxili audit müəssisədə güclü və zəif nöqtələri müəyyən etməyə imkan verir, daxili nəzarət sistemini, risklərin idarə edilməsi vəziyyətini təhlil edir və qiymətləndirir, həmçinin şirkətin fəaliyyətinin korporativ qanunvericiliyin və korporativ idarəetmənin tələblərinə nə dərəcədə cavab verməsinə nəzarət edir. Daxili auditin təşkilinin zəruriliyi bir tərəfdən korporativ idarəetmə ilə, digər tərəfdən biznesin bugünkü reallıqları ilə bağlıdır. Əgər nəzərə alsaq ki, mülkiyyətçi və təsisçilər, bir qayda olaraq, şirkətin gündəlik idarə edilməsindən uzaq olurlar və cari işlərə rəhbərliyi peşəkar menecerlərə həvalə edirlər, bu halda daxili audit xidmətinə ehtiyac yaranır. Menecer nə qədər peşəkar olsa da, mülkiyyətçi üçün işlərin gedişinə nəzarət edilməsi aktual olaraq qalır. Belə bir nəzarətin ən səmərəli forması isə daxili auditdir.
Ümumiyyətlə, təsərrüfat subyektlərində resurslardan səmərəli istifadə problemi mövcud olduğuna görə menecerlərdən daha çox mülkiyyətçilər və ya təsisçilər daxili auditin təşkilində maraqlıdırlar. Biz daxili auditdən danışarkən onu nəzarət-təftiş idarələri ilə eyniləşdirməməliyik. Xatırlatmaq istərdim ki, hələ vaxtı ilə ümummilli liderimiz tərəfindən dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı mühüm fərmanlar verilmişdir. Bundan sonra dövlət orqanları təftiş idarələrini daxili audit adı altında yenidən təşkil etmişdilər. Lakin xüsusi qeyd etmək lazımdır ki, həmin strukturlar müzakirə etdiyimiz qanun layihəsinin deyil, dövlətin maliyyə nəzarətinin subyektləridir.
Daxili audit və təftiş nəzarət formaları olsa da, onlar bir-birindən fərqlənirlər. Təftiş mahiyyətcə artıq baş vermiş hadisələri və onun nəticələrini aşkar edir. Daxili audit isə perspektivə istiqamətlənib, sistematik və daimi xarakter daşıyır. Bu zaman şirkətin fəaliyyətinə mənfi təsir edə biləcək amillər təhlil olunur. Başqa sözlə, təftiş baş vermiş riskin nəticəsini üzə çıxarırsa, daxili audit mümkün risk və təhlükələri qiymətləndirir, onun aradan qaldırılması üçün təkliflər hazırlayır.
Layihə ilə bağlı səslənən fikirlərdən biri də daxili audit xidmətində müstəqillik prinsipinin reallaşmasının qeyri-mümkünlüyü ilə bağlıdır. Doğrudur, ilk baxışdan belə bir təsəvvür yaranır ki, müəssisə daxilində yaradılan və yalnız nəzarət funksiyasını həyata keçirən hər hansı bir struktur bölmə nə dərəcədə müstəqil ola bilər? Lakin nəzərə almaq lazımdır ki, burada söhbət daxili auditorun kənar auditor kimi mütləq müstəqilliyindən getmir. Sadəcə, onun təşkilati baxımdan icra orqanlarının, o cümlədən idarə heyəti sədrinin tabeliyində deyil, direktorlar şurasının və yaxud da müşahidə şurasının yanında fəaliyyət göstərməsi nəzərdə tutulur.
Müzakirələrdə belə bir fikir də səsləndi ki, müəssisəyə kənar audit tərəfindən xidmət göstərildiyi halda daxili audit xidmətinə nə ehtiyac var? Faktiki olaraq bu halda daxili və kənar audit eyniləşdirilir. Halbuki onların funksiyaları, məqsəd və vəzifələri bir-birindən fərqlənir. Kənar audit, bir qayda olaraq, şirkətin maliyyə hesabatlarının düzgünlüyünü təsdiq edir və maliyyə hesabatlarına təsir göstərə biləcək əməliyyatlara diqqət yetirir. Daxili audit isə nəzarət sistemidir və risklərin idarə edilməsini qiymətləndirir, diqqəti şirkətin səmərəli fəaliyyətinə mane olan amillərə yönəldir.
Çıxışımın sonunda qeyd etmək istərdim ki, biz daxili audit üçün hüquqi bazanı formalaşdırmaqla yanaşı, həm də müəssisələrimizdə müasir menecmentin qurulmasına, korporativ idarəetmənin inkişafına şərait yaradan qanunvericilik bazasını və iqtisadi mühiti yaratmalıyıq. Bu gün iqtisadi inkişafımızın yeni mərhələsi müəssisələrimiz üçün tamamilə yeni tələblər qarşıya qoyur. Bu tələblərdən ən əsası korporativ idarəetmə standartlarının və prinsiplərinin təsərrüfat subyektlərinin fəaliyyətinə tətbiq edilməsidir.
Qeyd edək ki, bu standartlar kredit təşkilatları üçün yeni bank qanunvericiliyində təsbit olunub. Bu gün korporativ idarəetmə sahəsində örnək ola biləcək xeyli sayda banklarımız var. Təəssüflər olsun ki, müəssisələrlə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Bu baxımdan korporativ idarəetmə standartları prinsiplərinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında da təsbit edilməsini vacib hesab edirik. Qanun layihəsinin üçüncü oxunuş üçün təkmilləşdirilməsinin vacibliyini qeyd edərək, onun ikinci oxunuşda qəbul edilməsini məqsədəuyğun hesab edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədovun sualı var? Buyurun.
E. Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Sualım yoxdur. Sadəcə, təkliflə çıxış etmək istəyirəm. Nəzərə alaq ki, fasiləyə az qalıb və gündəlikdə bir məsələmiz durur. Təklif edirəm ki, gündəliyi fasiləsiz yekunlaşdıraq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İkinci məsələ çox böyük məsələdir. Yəqin ki, çatdırmarıq. Dəvət olunmuş qonaqlardan çıxış eləmək istəyən varmı? Ziyad müəllim, sualları cavablandırmağa ehtiyac varmı? Mən də hesab edirəm ki, ikinci oxunuşda təkliflər nəzərə alınmaqla biz qanun layihəsini fəsil-fəsil səsverməyə qoya bilərik. Etiraz yoxdur ki? Bildiyiniz kimi, qanun layihəsi beş fəsildən, 15 maddədən ibarətdir. I və II fəsilləri səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
III, IV və V fəsilləri səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İkinci oxunuş olduğu üçün qanun layihəsini bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, bütövlükdə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin beşinci məsələsinə keçirik. İkinci oxunuşda Dövlət qulluqçularının etik davranış kodeksi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə söz verilir Əli Hüseynova. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət qulluqçularının etik-davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsinin qəbul edilməsinin zərurəti dövlət qulluqçularının müasir dövrdə ölkəmizin həyatında tutduqları əhəmiyyətli roldan irəli gələn vacib məsələlərdən biridir. Bəri başdan qeyd etmək istəyirəm ki, bu qanun layihəsi ikinci çağırış Milli Məclisin iclasında birinci oxunuşda müzakirə olunmuşdur. Birinci oxunuşdan sonra qərara alınmışdır ki, “Dövlət qulluqçularının etik davranış qaydaları” adlandırılsın. Gündəlikdə “kodeks” adına görə, texniki nöqsana görə üzr istəyirəm. Hazırda qanun layihəsi məhz “Dövlət qulluqçularının etik davranış qaydaları” adı ilə parlamentin müzakirəsinə çıxarılmışdır.
Ölkə iqtisadiyyatının, özəl sektorun davamlı inkişafı, vətəndaşların hüquq və azadlıqlarının qorunması məsələləri dövlət qulluğunun düzgün təşkil olunmasından asılı olan mühüm məsələlərdən biridir. Hörmətli həmkarlarım, hesab edirəm ki, bu gün müzakirənizə təqdim olunmuş bu qanun layihəsi dövlətimizdə həyata keçirilən struktur islahatlarının tərkib hissəsi kimi, dövlət qulluğunda yaradılan, gücləndirilən nizam-intizam baxımından çox vacibdir.
Bilirsiniz ki, cənab Prezidentin hələ 2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi vəziyyətin gücləndirilməsi ilə bağlı” verdiyi Fərmanda da xüsusi bir bənddə dövlət qulluğunda nizam-intizamın gücləndirilməsi məsələləri öz əksini tapmışdır. Bu dövr ərzində bir çox ciddi işlər görülmüş, həm kadr siyasəti, həm də dövlət qulluğunda nizam-intizamın gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdi. Eyni zamanda, hesab edirik ki, bu siyasətin və qarşıda duran işlərin qanun layihəsində öz əksini tapması islahatların həyata keçirilməsinə öz köməkliyini göstərəcək.
Müasir dövrdə dövlət hakimiyyətinə mənsubluq şərəfi və dövlət qulluğuna verilən qiymət dövlət qulluqçusunun məsuliyyət hissi ilə daim müşayiət olunmalıdır. Dövlət qulluqçusu tutduğu vəzifənin həm vətəndaşlara xidmət baxımından, həm də dövlətə xidmət baxımından məsuliyyətini dərk etməli, buna uyğun hərəkət etməlidir.
Müasir dünyada bir çox dövlətlərdə dövlət qulluqçularının davranış qaydalarını, müəyyən etik çərçivəni müəyyənləşdirən qanunlar, normativ aktlar mövcuddur. Amerika Birləşmiş Ştatları Konqresi “Mülki xidmətin islahatı haqqında” Qanunu hələ 1974-cü ildə qəbul etmişdir. Avropa Şurasına üzv olan ölkələrin, demək olar ki, hamısında bu cür qanunlar mövcuddur. MDB ölkələrində bu məsələlər bəzi hallarda qanunla, bəzi hallarda, o cümlədən Rusiyada və Qazaxıstanda Prezident fərmanı ilə tənzimlənir. Amma Avropa Şurasına üzv olan ölkə kimi, biz də Avropa Şurasının tövsiyələrini, o cümlədən Avropa Şurası Nazirlər Kabinetinin 2000-ci ildə qəbul edilmiş qərarına uyğun olaraq, belə bir məsələni, etik davranış qaydalarını məhz qanunla tənzimləmək qərarına gəlmişik.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, hələ cənab Prezidentin fərmanı ilə təsdiqlənmiş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında belə bir qanunun qəbul olunması tövsiyə olunmuşdu. Parlament də bu tövsiyədən irəli gələrək işçi qrupu yaratdı. Bu işçi qrupu sonradan Avropa Şurasının beynəlxalq ekspertlərini cəlb etdi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nəzdindəki işçi qrupu ilə birlikdə fəaliyyət göstərməyə başladı. 2005-ci ildə bu qanun layihəsi ikinci oxunuşda parlamentdə qəbul olundu.
Amma qeyd etmək istəyirəm ki, sonradan cənab Prezident tərəfindən dövlət qulluğu məsələlərini tənzimləyən xüsusi bir orqan – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Onda biz belə qərara gəldik ki, bu qanun layihəsini məhz Prezidentin yanında formalaşdırılmış komissiya ilə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə işləyib hazırlayaq. Burada əməkdaşlığımızı birləşdirdik. Məhz buna görə də qanun layihəsi bu dövr ərzində işlənildi.
Məncə, iclasların birində, cənab Sədr, Sizə müraciət elədim və özüm xahiş etdim ki, qanun layihəsi yenidən ikinci oxunuşa qaytarılsın. Çünki müəyyən məsələlərə tamam yeni bir yanaşma tətbiq olundu. Yəni artıq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətdə idi. Eyni zamanda, hesab elədik ki, üçüncü çağırış Milli Məclisdə millət vəkillərinin deyəcəyi təkliflər, bildirəcəyi iradlar çox mükəmməl bir qanunun meydana çıxmasına köməklik göstərəcək. Məhz buna görə də qanun layihəsi sizin müzakirənizə ikinci oxunuşda təqdim olunmuşdur. Siz qanun layihəsi ilə tanış olmusunuz. Görürsünüz ki, qanun layihəsi qısa və lakonikdir. Belə də olmalıdır. Çünki bu qanun layihəsinin predmeti məlumdur. Ola bilsin ki, dövlət qulluğu ilə bağlı çoxlu məsələlər meydana çıxar. Amma biz bilməliyik ki, bu məsələləri tənzimləyən qanun mövcuddur, “Dövlət qulluğu haqqında” Qanun var. Eyni zamanda, Prezident fərmanları ilə tənzimlənən məsələlər var.
 Qeyd etdiyim kimi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətdədir. Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır. Qeyd etmək istəyirəm ki, növbəti iclasa qədər bizim tərəfimizdən bütövlükdə dövlət qulluğuna həsr olunmuş normativ sənədlər, fərmanlar bir kitab şəklində sizə təqdim olunacaqdır. Yəni qeyd etmək istəyirəm ki, bu gün müzakirə olunan qanun layihəsinin predmeti aydındır.
Bu qanun layihəsi dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsipləri, onların yerinə yetirilməsi ilə bağlı hüquqi tənzimlənməni müəyyən edir. Çərçivə kifayət qədər məhduddur, ona görə də qanun layihəsi də çox qısa və lakonikdir. Layihə 3 fəsildən və 27 maddədən ibarətdir. İlk növbədə qeyd etmək istəyirəm ki, dövlət qulluqçularının riayət etməli olduqları davranış, etik normaları dəqiqləşdirilmiş, həmin normaların yerinə yetirilməsində onlara köməklik göstərmək, dövlət qulluqçularının davranış qaydaları haqqında vətəndaşları məlumatlandırmaq nəzərdə tutulmuşdur.
I fəsildə bu qaydaların, yəni fəaliyyətin dairəsi müəyyənləşdirilmişdir. Onun məqsədləri, bu qaydalardan istifadə edilən anlayışlar öz əksini tapmışdır. Yəqin, fikir vermisiniz, 3.3-cü maddədə qeyd olunur ki, bu qanunla müəyyən olunmuş xidməti davranış qaydalarını konkretləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Yəni bu, qanun layihəsidir, bu qaydalar ümumi ana sənəddir. Amma spesifik dövlət qulluqları var, sahəvi dövlət qulluqları var. Onlar öz fəaliyyətləri üçün bu qanun layihəsini əldə rəhbər tutaraq, spesifik kodekslər və yaxud qaydalar qəbul eləyə bilərlər. Hazırda bir çox dövlət orqanlarında, o cümlədən Daxili İşlər Nazirliyində, Respublika Prokurorluğunda, Vergilər Nazirliyində etik davranış qaydalarını tənzimləyən kodekslər və yaxud qaydalar qəbul olunmuşdur. Müəyyən normaları konkretləşdirən sənədlərin qəbul olunmasını bizim təqdim etdiyimiz qanun layihəsi istisna etmir.
II fəsildə vicdanlı xidməti davranış, peşəkarlıq, loyallıq, ictimai etimad, insan və vətəndaş hüquq və azadlıqlarına, qanuni maraqlara xidmət, şərəf və ləyaqətə, işgüzar nüfuza hörmət, mədəni davranış kimi müddəalar və prinsiplər öz əksini tapmışdır. Qeyd etmək istəyirəm ki, bəzi maddələr həm beynəlxalq ekspertlər tərəfindən, həm də yeni ekspertlər tərəfindən geniş müzakirə olunmuşdur. Məsələn, 6-cı maddədə loyallıq prinsipi ilə bağlı çox fərqli fikirlər olmuşdur. Biz məhz Avropa Şurasının Nazirlər Komitəsinin model layihəsini əldə rəhbər tutmuşuq. 13-cü maddə korrupsiyanın qarşısının alınması ilə bağlıdır. Bizim “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunumuz var. Burada da korrupsiyanın qarşısının alınması ilə bağlı xüsusi bir maddə verilmişdir.
Qanun layihəsinin 14-cü maddəsinə sizin diqqətinizi cəlb etmək istəyirəm. Burada hədiyyə almaq ilə əlaqədar məhdudiyyətlərdən söhbət gedir. Dövlət qulluqçularının hədiyyə almasına məhdudiyyət qoyan xüsusi bir müddəa Avropa Şurasının Nazirlər Komitəsinin model kodeksində də öz əksini tapmışdır. Bu məsələ də çox geniş müzakirə olunmuş, beynəlxalq təcrübə öyrənilmişdir. Beynəlxalq təcrübə bu sahədə çox fərqlidir.
Amerika Birləşmiş Ştatlarının 33 ştatında hədiyyələrin alınması, hətta yazılmış bir məqaləyə görə qonorarın da qəbul olunması qadağandır. Digər ştatlarda da təxminən hər hansı bir hədiyyənin alınması qadağandır. Başqa təcrübələr də var. Baltikyanı ölkələrin qanunlarında göstərilib ki, beynəlxalq protokol qaydalarına və sənədlərə müvafiq olaraq rəsmi görüşlər zamanı hədiyyənin qəbul olunması məsələsi tənzimlənir. Bütövlükdə belə bir məhdudiyyət var və tamamilə düzgün olaraq bu məhdudiyyət qoyulmuşdur.
14-cü maddədə Avropa Şurasının Nazirlər Komitəsinin tövsiyəsinin mənası, ruhu öz əksini tapmışdır. Bununla bağlı bir məhdudiyyət qoyulub. Dövlət qulluqçusu xidməti vəzifəsinin qərəzsiz icrasına təsir edə bilən hədiyyə qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı kiçik hədiyyələrin təqdim edilməsi hallarına şamil edilmir. Bu, beynəlxalq təcrübədə də var, protokol qaydalarında da bu hallar mövcuddur.
15-ci maddə maraqlar toqquşması barədə məlumatların hansı qaydada və hansı orqana hansı müddətə verilməsini tənzimləyir. “Maraqlar toqquşmasının qarşısının alınması” anlayışı bütövlükdə bizim qanunvericilikdə yenidir. Söhbət burada dövlət qulluqçusunun özünün vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edilməsinin qarşısını almaqdan gedir. Dövlət vəzifəsi səlahiyyətlərini yerinə yetirməklə şəxsi maraq arasında bir sədd mövcud olmalıdır. Amma mən bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Bizim iş planında, o cümlədən Korrupsiyaya qarşı Dövlət Proqramında maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı xüsusi bir qanunun qəbul edilməsi nəzərdə tutulur. Yəni biz, sadəcə, burada ilk dəfə bu anlayışı veririk. Amma maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı xüsusi bir qanunun qəbul edilməsi gözlənilir.
III fəsildə xidməti davranış qaydalarının həyata keçirilməsinin təmin olunması, nəzarət orqanının səlahiyyətləri və xidməti davranış qaydalarının pozulmasına görə məsuliyyət məsələləri öz əksini tapmışdır. Burada “nəzarət orqanı” anlayışı verilib. Amma mən istəmirəm ki, müzakirələrdə bunun hansı orqan olacağı ilə bağlı polemika açılsın. Çünki bu bizim səlahiyyətlərə aid deyil. Qanunun qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin Fərmanı olacaqdır və həmin Fərmanda etik davranış qaydalarına riayət olunmasına nəzarətin hansı orqan tərəfindən həyata keçiriləcəyi məsələsi öz əksini tapacaq. Hazırda cənab Prezidentin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb və fəaliyyət göstərir. Dövlət Qulluğu Məsələləri şurası da var. Müvafiq orqanlar, qurumlar öz fəaliyyətini həyata keçirirlər.
Hörmətli həmkarlar, sözsüz ki, hər bir dövlət qulluqçusu tutduğu vəzifəyə hörmətlə yanaşmalıdır, ona məxsus olan adı, yəni dövlət qulluqçusu adını və milli dəyərləri hər şeydən üstün tutmalıdır. Dövlət qulluqçusu ona etibar edilən sahəni mükəmməl bilməli, peşəkar olmalı, müəyyən edilən iş rejimindən səmərəli istifadə etməli, müəyyən etdiyimiz etik davranış qaydalarına riayət etməli, ən başlıcası, Azərbaycan Respublikasına, dövlətimizə sədaqətlə xidmət etməlidir.
Sonda qeyd etmək istəyirəm ki, bu qanun layihəsinin predmeti məlumdur. Biz ancaq etik davranış qaydaları məsələlərini burada müzakirə edəcəyik. Dövlət qulluğu ilə bağlı meydana çıxan digər məsələlər “Dövlət qulluğu haqqında” Qanunda və digər normativ sənədlərdə öz əksini tapmışdır. Burada səslənəcək təkliflər, ediləcək iradlar ancaq bizim qanun layihəsinin daha mükəmməl şəkildə hazırlanmasına xidmət edəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İki sual var. Nizami müəllim, həm sual verəcəksiniz, həm də çıxış edəcəksiniz? Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mənim sualım konkretdir. Əli müəllim, mən bilmək istəyirəm, dediyiniz kiçik hədiyyənin pul ekvivalenti, yaxud dəyəri hansı həcmdə olmalıdır? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Çox sağ olun. Hörmətli Əli müəllim, Siz bir fikir irəli sürdünüz ki, qanun qəbul edilməklə bərabər bəzi idarələr bu qanuna əlavələr edə bilərlər və edirlər. Bu, Milli Məclisin qanunudur və qanun da belə adlanır: “Dövlət qulluqçularının etik davranış qaydaları”. Tutaq ki, Daxili İşlər Nazirliyi, prokurorluq, yaxud başqa instansiyalar bu qanuna nə əlavə edə bilərlər? Etik davranış qaydaları Milli Məclis tərəfindən qəbul edilir və möhtərəm Prezidentimiz tərəfindən imzalanır. Buna əməl etmək lazımdır. Hər bir idarə, müəssisə müdiri daxili intizam qaydaları haqqında əmr verə bilər. Bu, başqa şeydir. Mən başa düşə bilmədim, qanuna əlavə etmək nə dərəcədə məntiqlidir?
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, ikinci oxunuş olduğu üçün qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 2 
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Müzakirələrə günün ikinci yarısında başlayacağıq. Nəzərinizə çatdırım ki, müzakirələrdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov da iştirak edəcək və bu məsələlərə aydınlıq gətirəcək. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımıza davam edirik. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsini mən vacib hesab edirəm. Ona səs verəcəyimi bildirirəm və həmkarlarımı da səs verməyə çağırıram.
Bu qanun layihəsi ilə bağlı deyə bilərəm ki, bu qanunun qəbul olunması vətəndaşlarla dövlət orqanlarında çalışan dövlət qulluqçuları arasında olan anlaşmazlığın aradan götürülməsinə böyük kömək olacaqdır. Mən təklif edərdim ki, belə bir qanun digər qurumlara da, o cümlədən vətəndaşlarla sıx əlaqəsi olan bələdiyyə qurumlarında çalışan vəzifəli şəxslərə də şamil olunsa, etik davranış qaydalarına əməl olunmasını, qeyri-qanuni hərəkətlərə maraqların toqquşmasının qarşısının alınmasına təmin etmiş olar.
Bu qanun layihəsi ilə bağlı bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm. Qanun layihəsinin 6.3-cü maddəsində dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Bu maddədə “açıq çıxışlarla bağlı” ifadəyə açıqlama versək, aydın olardı ki, söhbət hansı açıq çıxışlardan gedir. 23.3.1-ci maddədə göstərilir: “Bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi”. Mən təklif edərdim ki, bu cür şikayətlərin yazılı verilməsi məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Sədr, hörmətli deputatlar! Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsi cənab Prezident tərəfindən təqdim olunmuşdur. Mən də qanun layihəsinin dövlət qulluqçuları ilə əhali arasındakı əlaqə və ünsiyyətin səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əminəm. Bu həm də idarəetmənin demokratikliyini, ədalətliliyini təmin edir, eyni zamanda, dövlətə xalqın etimadını daha da yüksəldir. Qanun layihəsi çox mükəmməl və məntiqli yazılmışdır. Lakin buna baxmayaraq, bir neçə bəndlə bağlı fikirlərim var və onları sizinlə bölüşmək istəyirəm.
2.0.5-ci maddədə “dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması” yazılıb. Mən “dövlət qulluqçularından gözlənilən davranış” əvəzinə “dövlət qulluqçularının davranışı barədə” yazılmasını təklif edərdim. 4.1-ci maddədə “şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçularının öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur”. Bu cümlə “yerinə yetirilməsi vacibdir və ya dövlət qulluqçuları vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur” yazılsa, daha yaxşı olardı. 5.1-ci maddədə “dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur” yazılıb. Mənə elə gəlir ki, fəaliyyət geniş məfhumdur. Ona görə də “fəaliyyətini” sözünü “vəzifə fəaliyyətini” və ya başqa bir sözlə əvəz eləsək, daha mükəmməl olardı.
Eyni zamanda, 15.3-cü maddədə yazılır: “dövlət qulluqçusu dövlət qulluğundan getdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz”. Mən hesab edirəm ki, bu, insan hüquqlarını məhdudlaşdıran maddədir. Tutaq ki, təhsil naziri işdən çıxırsa, o, ali məktəb müəssisələrində işləyə bilməzmi? Yəni belə bir fikir ortaya çıxır. Mən hesab edirəm ki, qanun elə yazılmalıdır ki, hamı üçün anlaşıqlı, aydın olmalıdır. Yəqin ki, Əli müəllim bu maddə ilə bağlı fikrini deyər. hesab edirəm. Mən də qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm, deputat həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi dövlət qulluqçularının fəaliyyətinin daha da tənzimlənməsi, dövlət qulluqçusu və vətəndaş münasibətlərinin sivil müstəviyə çıxarılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu layihə ilə bağlı müxtəlif fikirlər meydana çıxa bilər. Bəzən etik davranış qaydalarının qanunvericilik səviyyəsində təsbit olunması kommunizm qurucusunun əxlaq kodeksi ilə bərabərləşdirilir və buna etiraz olunur. Mən hesab edirəm ki, etik davranış qaydaları hər bir insanın tərbiyəsinin tərkib hissəsidir. Bu baxımdan, məncə, etik davranış qaydalarının məzmunu ilə bağlı heç kimdə fərqli fikir yaranmamalıdır. Amma onun tətbiq dairəsinin müəyyən edilməsində müəyyən fərqli fikirlər meydana çıxa bilər.
Bu qanun layihəsi dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qanunlarla etik davranış qaydalarının sintezini yaradır. Əvvəllər mənim prokurorluqda işləyəndə bir həmkarım vardı. Vətəndaşların qəbulu zamanı kobud hərəkətinə görə o, intizam məsuliyyətinə cəlb olunmuşdu. Bu insan heç cür anlamaq istəmirdi ki, kobudluğa görə töhmət vermək olar. İddia edirdi ki, xidməti vəzifəmi dəqiq yerinə yetirmişəm, bu mənim danışıq tərzimdir. Amma mən hesab edirəm ki, bu gün etik davranış qaydaları haqqında qanun qəbul olunması hər bir dövlət qulluqçusunu vətəndaşlarla etik qaydalar çərçivəsində davranmağa məcbur edir.
Qanun layihəsi bizim komissiyada Əli müəllimin sədrliyi ilə geniş müzakirə olunub. Mən layihəni dəstəkləyirəm və həmkarlarımı da onun qəbul olunmasına səs verməyə dəvət edirəm. Amma layihə komissiyada müzakirə olunarkən, doğrusu, bir neçə təklif yadımdan çıxıb. İstərdim ki, indi onu səsləndirim. Həmkarlarımın nəzərini 23.3.2-ci maddəyə cəlb etmək istəyirəm. Burada söhbət kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsindən gedir. Mən hesab edirəm ki, burada çap üsulu ilə yayılan kütləvi informasiya vasitələri nəzərdə tutulur. Məncə, “dərc edilməsi” sözləri “yayımlanması” sözü ilə əvəz olunsaydı, daha yaxşı olardı, çünki dövlət qulluqçusunun öz xidməti vəzifəsini pozması haqqında məlumat nəinki çap üsulu ilə yayılan kütləvi informasiya vasitələrinə, hətta telekanallara, ümumiyyətlə, efir məkanına verilə bilər. Ona görə də “yayımlanma” sözü daha yaxşı olardı.
23.3-cü maddədə göstərilir ki, intizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquqi pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Mən təklif edirəm ki, “cinayət təqibi orqanı” əvəzinə “prokurorluq orqanı” yazılsın. Çünki bu gün Cinayət-Prosessual Məcəlləyə görə cinayət təqibi prokurorluqda, daxili işlər orqanlarında, milli təhlükəsizlik orqanlarında, Vergilər Nazirliyində, Gömrük Komitəsində, Fövqəladə Hallar Nazirliyində, hətta Ədliyyə Nazirliyində aparılır. Dövlət orqanının rəhbəri məsələni dəqiq bilməyə bilər. Sonra məlum olar ki, bu iş aidiyyəti orqana göndərilməyib, süründürməçiliyə səbəb ola bilər. Mən təklif edirəm ki, prokurorluğa göndərilsə, daha yaxşı olar.
Nəzərə alsaq ki, Prosessual Məcəllənin 21.5-ci maddəsinə görə bir sıra dövlət qulluqçularının, – mən vəzifəli şəxsləri nəzərdə tuturam, – haqqında cinayət tərkibli materiallar prokurorluq tərəfindən araşdırılır. Hansı orqanda cinayət təqibi haqqında araşdırmanın aparılmasından asılı olmayaraq, həmin araşdırmaya prosessual rəhbərliyi prokurorluq həyata keçirir. Bu mənim subyektiv fikrimdir. Hesab edirəm ki, “cinayət təqibi orqanı” sözləri “prokurorluq orqanı” sözləri ilə əvəz olunsa, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət qulluqçularının etik davranış qaydalarının müvafiq qanunla tənzimlənməsi vacib və əhəmiyyətlidir. Dövlət qulluqçuları cəmiyyətin üzdə olan vəzifəli şəxsləridir və onların fəaliyyəti daim diqqət mərkəzindədir. Xüsusi ilə vətəndaşlarla təmasda olarkən dövlət qulluqçuları tutduqları vəzifəyə hörmət hissi aşılamalı, vətəndaşlarda inam və etimad hissinin yüksəldilməsinə çalışmalıdır. Əslində, hər bir insan mədəni və etik davranış qaydalarına əməl etməli, ayrı-ayrı vətəndaşların, habelə toplumun hüquq və mənafelərinə hörmətlə yanaşmalıdır. Dövlət qulluqçuları isə bu prinsiplərə daha çox sədaqətli olmalıdırlar. Bu baxımdan mən bu gün müzakirəyə çıxarılan Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdir edirəm. Hesab edirəm ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən mükəmməl hazırlanmışdır.
Bununla yanaşı, qanun layihəsinə bir sıra cüzi dəyişikliklər edilməsini zəruri sayıram. Əvvəla, qanun layihəsi dövlət qulluqçuları üçün nəzərdə tutulub. Mənə elə gəlir ki, adı çəkilən qanun layihəsi bütün vəzifəli şəxslər üçün nəzərdə tutulsa, daha yaxşı olardı. Biz bilirik ki, dövlət qulluqçusuna şamil edilməyən vəzifə kateqoriyaları var. Ona görə də yaxşı olardı ki, “dövlət qulluqçuları” ifadəsi “vəzifəli şəxslər” ifadəsi ilə əvəzlənsin və qanun layihəsinin əhatə dairəsi bütün vəzifəli şəxslərə şamil olunsun.
Nəzərinizə çatdırmaq istəyirəm ki, digər məsələ layihənin 10-cu maddəsi ilə bağlıdır. Həmin maddədə dövlət qulluqçularının yuxarı rəhbərlərinin verdikləri əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsinin vacibliyi göstərilir. Hesab edirəm ki, bu qanun layihəsinə qədər də dövlət qulluqçuları yuxarı rəhbər orqanların verdiyi şifahi və yazılı əmrləri, tapşırıqları icra edirlər və bu proses müvafiq daxili normativ hüquqi aktlarla tənzimlənir. Ona görə də bu normativ normanın təkrarən qanun layihəsində göstərilməsi zəruri deyil.
Bundan başqa, qanun layihəsinin 14-cü maddəsində hədiyyə almaq məsələsi ilə bağlı nəzərdə tutulan normaları artıq hesab edirəm. Çünki bu normalar daha geniş və müfəssəl formada “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub. Hesab edirəm ki, müzakirəyə çıxarılmış bu qanun layihəsinin 16-cı maddəsində nəzərdə tutulmuş əmlakdan istifadə barədə normalar da qanun layihəsindən çıxarılmalıdır. Belə ki, həmin maddədə dövlət qulluqçularının istifadəsində olan dövlət əmlakından, rabitə, maliyyə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından qənaətlə və səmərəli istifadə edilməsi nəzərdə tutulur. Bu günədək mövcud olan normativ hüquqi aktlarda bu məsələlər kifayət qədər əsaslandırılmış şəkildə əks etdirilmişdir. Həmçinin qanun layihəsinin 16-cı maddəsində nəzərdə tutulmuş proseslər dövlət, idarə, müəssisə və təşkilatların daxili əsasnamələrində, həmin orqanların rəhbər və vəzifəli şəxslərinin inventarlardan səmərəli və vicdanlı istifadəsi barədə əmrlərində göstərilib. Bu baxımdan hesab edirəm ki, bəzi düzəlişlər etməklə, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsini digər normativ aktlarla eyniyyət təşkil edən məqamlardan azad etmək mümkündür. Bütün bunlarla yanaşı, ümumilikdə, layihəni bəyənirəm və həmkarlarımı da qanun layihəsinin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm , cənab Sədr. Ümumiyyətlə, xeyli dərəcədə subyektiv anlayışları hüquqi cəhətdən formalaşdırmaq olduqca çətin bir məsələdir. Hörmətli İlyas müəllim bugünkü iclasın əvvəlində, gündəlik müzakirə olunanda bu məsələyə toxundu. Amma mən hesab edirəm ki, həm beynəlxalq təcrübə, həm də bizdə dövlət quruculuğunun gedişində üzə çıxan bir sıra problemlər dövlət qulluqçularının davranışı ilə əlaqədar konkret bir qanunun qəbul edilməsinə əsas verir.
Konkret olaraq, əvvəlcə qanunvericilik baxımından bəzi məsələlərə öz fikrimi bildirmək istəyirəm. Bilirsiniz ki, bizdə böyük mətnə malik olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu mövcuddur. Əslində, bu qanunun bir sıra maddələri bu gün müzakirəyə təqdim olunmuş qanun layihəsindəki müddəaları özündə ehtiva edir. Məsələn, mən konkret bəzi maddələrə diqqəti cəlb etmək istəyirəm. “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsində informasiyalardan istifadə etməklə bağlı bir çox məsələlər öz əksini tapmışdır. 19-cu maddədə dövlət qulluqçusunun hüquqları, habelə onların siyasi fəaliyyətlə məşğul olmaqla, ictimai birliklərə üzv olmaqla bağlı məsələlərə aydınlıq gətirilmişdir. Konkret olaraq, 20-ci maddədə dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər nəzərdə tutulub. Müzakirə etdiyimiz qanun layihəsində bəzi məqamlar təkrar olunur, bəzən də bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə də hesab edirəm ki, bu məsələlərə yenidən baxılmağa ehtiyac vardır. Məsələn, dövlət qulluqçusu vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə məhdudiyyət qoyulub. Bu gün müzakirə elədiyimiz qanun layihəsində bir qədər fərqli müddəalar vardır.
Bir daha təkrar edirəm, bu cür məsələlər çoxdur. “Dövlət qulluğu haqqında” Qanunda söhbət dövlət qulluqçusunun Azərbaycan Respublikasına sədaqət andından gedir. Burada da bir sıra prinsiplər, yəni etik prinsiplər, o cümlədən Azərbaycan Respublikasına sadiq olmaq məsələsi vacibdir. Burada dövlətə və Azərbaycan Respublikasına sadiqlik prinsipi həm də etik norma kimi əksini tapmalıdır. Yəni bu gün bizim müzakirə elədiyimiz qanun layihəsində bu prinsip yoxdur. Bu, olduqca vacib prinsipdir. Həm də hüquqi cəhətdən böyük əxlaqi məzmuna malikdir. Ona görə də bu prinsip etik davranış normalarından biri kimi salınsa, məqsədəuyğun olardı.
Konstitusiyaya əməl olunması, dövlət sirrinin və xidməti sirrin qorunması, bir sıra vəzifələrin qərəzsiz, vicdanlı yerinə yetirilməsi prinsipləri öz əksini tapmışdır. Mən hesab edirəm ki, əlbəttə, qanun layihəsini olduqca lakonik yazmaq olardı. Burada, ümumiyyətlə, xidməti xarakterli vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsələlərə bəlkə də ehtiyac qalmazdı. Çünki biz yalnız etik davranış qaydalarına aid qanun qəbul edirik. Bir daha təkrar edirəm, burada bəzi xidməti xarakterli prinsiplərin əks olunmasına ehtiyac qalmazdı.
Bütövlükdə mənim bu məsələyə müsbət münasibətimi müəyyən eləyən əsas cəhət ondan ibarətdir ki, dövlət qulluğunda olan şəxslər vətəndaşlarla münasibətdə öz üzərinə həm də müəyyən etik öhdəliklər götürürlər. Dövlət qulluğuna daxil olan hər bir şəxs, şübhəsiz ki, vətəndaşlarla davranışda, ictimai həyatdakı davranışda, ailə həyatındakı davranışında milli dəyərlərə istinad etməlidir. Əlbəttə, belə bir qanunun qəbul olunması müsbət rol oynayacaqdır. Təhlükə və narahatlıq doğuran cəhətlər var idi. Bu da ondan ibarətdir ki, layihədə həddindən artıq dövlət qulluğu sistemində rəhbər şəxsin, istər qanun layihəsində olduğu kimi, nəzarət orqanı adlansın, istərsə də birbaşa tabe olduğu orqanın rəhbəri olsun, adı hallanır. Burada bir tabeçilik prinsipi var. Sözün doğrusu, mən qəbul eləyirəm ki, sözün müsbət mənasında bürokrat, yəni məmur zümrəsinin yetişməsi dövlətçiliyin əsas oturuşmuş cəhətlərindən biridir. Bu, olduqca vacib bir məsələdir. Bizim qanun yaradıcılığı həm də bu işə xidmət eləməlidir. Bu da o istiqamətlərdə atılan addımlardan biridir. Çox vacibdir.
Amma bir daha təkrar edirəm, mənə elə gəlir ki, tənqidi boğmaq, məmurun, ixtisaslı bir işçinin bütün məsələlərdə həddindən artıq rəhbərə təhkim olunması narahatlıq doğurur. Nəzərə alınsa ki, bir çox hallarda dövlət orqanlarının rəhbərləri siyasi vəzifələr tuturlar, bir çox hallarda siyasi maraqlara malik olurlar, bir çox məsələlərdə həm də özlərinin mənsub olduğu siyasi təşkilatın maraqları baxımından çıxış edə bilərlər. Ona görə də belə bir konkret tabeçiliyi bir qədər azaltmaq olardı. Bu baxımdan 13-cü maddə, loyallıqla bağlı maddə ən diskussiyalı, ən mübahisə doğuran məsələdir.
Ümumiyyətlə, mən təklif edərdim ki, qanunun müəllifləri loyallıq haqqındakı müddəanın layihədən çıxarılması məsələsinə bir də baxsalar, yaxşı olardı. Prinsip etibarı ilə mən bir Azərbaycan Respublikası vətəndaşı kimi bir daha təkrar edirəm, bizim məmur zümrəsinin, yəni təbəqəsinin formalaşmasını olduqca zəruri bir məsələ hesab edən insanlardan biriyəm. Arzu edirəm ki, qanun bu məqsədə xidmət etsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, etik davranış qaydaları hər bir insan üçün zəruri olduğu üçün bu qanunun da qəbul olunması çox zəruridir. Müzakirəyə çıxarılan qanun layihəsi dövlət qulluqçularının tutduğu vəzifəyə və yerinə yetirdiyi funksiyaya uyğun davranış qaydalarının müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasında, dövlət orqanlarına etimadın yüksəlməsində, dövlət orqanlarında qanunsuz halların və korrupsiyanın qarşısının alınmasında, bu qanunun mühüm əhəmiyyəti olacaqdır. Qanun layihəsi yaxşı hazırlanmışdır, mən də bu qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Lakin bəzi əlavə və dəyişikliklərin edilməsini təklif edərdim.
Qanun layihəsinin 6.1-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla), tənqidi, ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymətin verilməsindən çəkinməlidir. Düşünürəm ki, qəbul ediləcək qanundan bu maddənin çıxarılması məqsədəmüvafiq olardı. Çünki dövlətimizin rəhbərliyi daim çalışır ki, dövlət qulluqçularının işi, onların yerinə yetirdikləri funksiyalar ölkəmizin inkişafına, əhalimizin inkişafına, əhalimizin daha yaxşı yaşamasına xidmət göstərsin. Əsaslı tənqid bu məqsədlərə çatmağa xidmət göstərən vasitələrdən biridir və dövlət qulluqçularının işlərində də yol verilən neqativ halların aradan qaldırılmasında tənqidin mühüm əhəmiyyəti vardır.
Dövlət qulluqçularının cəmiyyətə, dövlətə və xalqa sədaqətlə xidmət etməsinə nail olmaq üçün onların işinə müvafiq orqanların nəzarəti ilə yanaşı, həm də ictimai qınağın da mühüm əhəmiyyəti vardır. Hər bir vətəndaşın cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq tənqid etmək hüququ və imkanı olmalıdır. İşi daha yaxşı bilən insanlar tərəfindən edilən tənqid daha səmərəli ola bilər. Məlumdur ki, dövlət qulluğunda çalışan şəxslər adi vətəndaşlardan fərqli olaraq dövlət orqanlarının və yaxud onların rəhbərlərinin işindən daha yaxşı məlumata malik olurlar. Onların tənqidi fikirləri ümumi işin xeyrinə daha səmərəli nəticələr verə bilər. Həmin maddənin məzmunundan isə görünür ki, yalnız qanunsuz fəaliyyətlə bağlı tənqidə imkan verilir. Lakin praktikada buna riayət edilməsi, yəni hansı tənqidin əvvəlcədən haqlı olması, eləcə də qanuni və ya qanunsuz fəaliyyətlə əlaqədar tənqidin əvvəlcədən ayırd edilməsi çətin məsələdir.
Ona görə də qanun layihəsində belə bir maddənin olması, ümumilikdə, tənqidin qarşısını almağa, haqlı tənqidin belə edilməməsinə səbəb olacaqdır. Çünki dövlət qulluqçusu edəcəyi tənqidin gələcəkdə necə qiymətləndirilməsindən çəkinərək, aşkar etdiyi neqativ hallar barəsində də susacaq və gördüyü qanunsuzluqlara da göz yumacaqdır. Bununla da bir çox hallarda neqativ hallar ictimaiyyətdən, dövlət rəhbərliyindən gizli qalacaq, dövlət qulluqçuları arasında müəyyən cəzasızlıq əhvali-ruhiyyəsi yaranacaq və nəticədə əməllərində neqativ hallar olan dövlət qulluqçuları öz qanunsuz əməllərini davam etdirəcəklər. Beləliklə, həmin maddə dövlət qulluqçularının işinə ictimai nəzarətin və onun yol verdiyi nöqsanlara görə ictimai qınağın qarşısını alır. Bu səbəbdən də təklif edirəm ki, 6.1-ci maddə qanun layihəsindən çıxarılmalıdır.
İkincisi, dövlət qulluqçuları öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən onların davranışları müvafiq olaraq cəmiyyətdə dövlət haqqında, dövlətçilik haqqında və dövlət rəhbəri haqqında fikir formalaşdırır. Yəni dövlət qulluqçularının neqativ hərəkətləri son nəticədə dövlət rəhbərinin nüfuzuna xələl yetirməsinə səbəb olur. Ona görə də dövlət qulluqçuları elə hərəkət etməlidirlər ki, onların hərəkətlərinə görə ölkə rəhbərliyinin nüfuzuna mənfi münasibət formalaşmasın. Odur ki, qanuna dövlət qulluqçularının hərəkətlərinə və yaxud hərəkətsizliyinə görə, həmçinin dövlətçiliyə və dövlət rəhbərinin nüfuzuna xələl gətirilməsinə görə məsuliyyət müəyyən edən maddə daxil edilməlidir. Həmin maddədə göstərilməlidir ki, dövlət qulluqçusu öz hərəkəti və ya hərəkətsizliyi nəticəsində dövlət rəhbərinin və ya dövlətçiliyin nüfuzuna xələl gətirilməsinə görə məsuliyyət daşıyır. Belə hərəkətlərə görə həmin dövlət qulluqçusu müvafiq qanunla müəyyən edilən məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır.
Qanun layihəsinin 20.1.2-ci maddəsinə görə müvafiq dövlət orqanı, yəni nəzarət orqanı bu qanunla nəzərdə tutulan xidməti davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. 22-ci maddədə isə nəzarət orqanlarının səlahiyyətləri təsbit edilmişdir. Fikrimcə, həmin səlahiyyətlərin sırasına dövlət qulluqçusunun hərəkəti və ya hərəkətsizliyi nəticəsində dövlət rəhbərinin və ya dövlətçiliyin nüfuzuna xələl gətirib-gətirməməsi məsələsinin müəyyən edilməsi və araşdırılması səlahiyyətləri də daxil edilməlidir.
Qanun layihəsinin 14.1-ci maddəsində hədiyyə almaqla əlaqədar məhdudiyyətlər müəyyən edilmişdir. Həmin maddəyə görə dövlət qulluqçusu xidməti vəzifəsinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı xırda hədiyyələrin təqdim edilməsi hallarına şamil olunmur. Fikrimcə, qeyd edilən maddənin ikinci cümləsi layihədən çıxarılmalıdır. Çünki xırda hədiyyənin nədən ibarət olması qanunda öz əksini tapmır. Deməli, hədiyyənin xırda və ya böyük olması sırf subyektiv hallarla qiymətləndiriləcəkdir. Kiminsə xırda olan hədiyyəsi, əslində, çox böyük ola bilər və ya əksinə, qonaqpərvərliklə bağlı hədiyyələrin verilməsi də mübahisə doğurur. Məlumdur ki, istənilən hədiyyəni, rüşvəti qonaqpərvərlik adı ilə vermək olar. Ona görə də təklif edirəm ki, qeyd edilən “Bu qayda qonaqpərvərliklə bağlı xırda hədiyyələrin təqdim edilməsi hallarına şamil olunmur” cümləsi 14.1-ci maddədən çıxarılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu qanun layihəsi vacibdir. Çünki cavan bir dövlət üçün başqa müvafiq qanunlarla yanaşı, həm də dövlət məmurlarının, dövlət qulluqçularının etik davranış qaydalarını müəyyənləşdirmək vacib işlərdən biridir. Bu bizim kimi xüsusi əlamətləri ilə, xüsusi davranış qaydaları ilə, bəzən yaxşı, bəzən də pis seçilən bir ölkə üçün çox vacibdir. Məncə, bu cür məsələlər qanunla tənzimlənsə, müəyyən qanunsuzluqların qarşısını almaq mümkündür.
Ümumiyyətlə, dövlətlərin dövlətçilik etikası və dövlətçilik düşüncəsi yüz illərlə, bəzən min illərlə formalaşır. Bu, dildə də, müəyyən atributlarda da öz əksini tapır. Hətta müraciət formalarında da öz əksini tapır. Uzun müddət millətin dövlətçiliyi olmayanda bu keyfiyyətlərin bəziləri itir. Bizdə dövlət qulluğunun bir sıra vacib sahələri var ki, onunla bağlı tarixən mövcud olmuş bəzi dəyərləri itirmişik. Həmin dəyərlər yenidən bərpa olunmalıdır. Bunun əlamətlərini bizim mühitimizdə görürəm. Bəzi sahələrdə hələ köhnə sovet rejimindən qalma formalar davam edir, yaşayır. Yeniləri hələ kifayət qədər möhkəmlənməyib. Məsələn, biz müraciət edirik. Hələ ki mən hansı mərhələdə kimə müraciət eləmişəmsə, həm millət vəkili kimi, həm də bir vətəndaş kimi, hamıdan cavab almışam. Bizim fikirlərimizə münasibət bildirirlər.
Amma bəzən təəssüflənirəm ki, aldığım cavablarda, aldığım məktublarda ən adi etik qaydalara, yəni məktub yazmaq mədəniyyətinə əməl olunmur. Deyək ki, icra hakimiyyətinə seçicinin müraciəti ilə bağlı məktub yazırsan. O sizə cavab yazır. Özü də bilir ki, millət vəkilinə cavab yazır. Hətta hörmətli filankəs də yazmır, başlıq da yoxdur. Bir standart şeyi götürür, məsələn, “nəzərinizə çatdırırıq ki” və sair. Ad yazmağı belə özünə sığışdırmır. Mən demirəm, bunlar hörmətsizlik eləyir. Sadəcə, bu qaydanı bilmir. Görünür, Azərbaycanda məmurların, dövlət qulluqçularının məktuba cavab vermək, başqa idarələrə müraciət etmək qaydaları hazırlanmalıdır.
Bir də görürsən, vergi idarəsindən məktub gəlib. Özü də bilir ki, millət vəkilinə, yaxud nazirə cavab verir. Yazır ki, məsələn, filan vaxtdan sizin müəssisənin 19 manat borcu qalmışdır, onu 2 günə verməsəniz, cinayət məsuliyyətinə cəlb ediləcəksiniz. Vergi idarəsi bir mülki idarədir. Bu, prokurorluq deyil, daxili işlər orqanı deyil. Başa düşürəm, vergi polisi də var. Amma müraciətin adi qaydalarını bilmirlər. Görünür, bunu da öyrətmək lazımdır. Hesab edirəm ki, belə qanunlar onlara yardım edə bilər.
Burada müəyyən maddələr var. Hesab edirəm, bu maddələr nəzəri cəhətdən son dərəcə vacibdir. Amma Azərbaycan reallığında nə dərəcədə öz əksini tapacağını deyə bilmərəm. Məsələn, 11.2-ci maddədə yazılır ki, dövlət qulluqçusu siyasi neytrallığa riayət etməyə borcludur. Təəssüf ki, Azərbaycan dövlətində, bizim dövlətimizdə bir nəfər idarə müdiri yoxdur ki, bu tələbə əməl eləsin. Bilirsiniz ki, idarələrdə zorla Yeni Azərbaycan Partiyasına üzv keçməyi tələb edirlər. Hətta təəccüblənirlər. Sən nə cür dövlət işçisisən ki, hələ indiyə kimi Yeni Azərbaycan Partiyasının üzvü deyilsən? Digər partiyadan olanlara son dərəcə çox istisna hallarda şəxsən səni tanıyırsa, deyir, filankəsə hörmətimiz var, onun xətrinə dəymirik. Sən bu idarədə qala bilərsən. Həmin partiya sədrinə hörmət olmasa, demək, o adamın həmin idarədə qalmaq imkanı yoxdur. Bu, real faktlardır. Azərbaycan həyatında hər gün rastlaşırıq.
Yaxud 12.1-ci maddədə yazılır ki, dövlət qulluqçusunun qanunsuz maddi nemət, imtiyaz əldə etməsinə yol verilmir. Məgər Azərbaycanda dövlət məmurundan və dövlət qulluqçusundan başqa və ya onun himayəsində olmayan kimin maddi neməti və imtiyazı var? Bunlar hamısı elə dövlət qulluqçularının əlində toplanıb. Yaxud 16.2-ci maddəyə görə dövlət qulluqçusunun dövlət mülkiyyətindən şəxsi maraqları üçün istifadəsi qadağandır. Siz hamınız bilirsiniz ki, bu gün nazirliklər, şirkətlər, müxtəlif idarələr paralel strukturlar yaradıblar. Həmin sahəyə uyğun özəl şirkətlər yaradıblar və dövlət mülkiyyətinin bir hissəsindən, texnikasından, başqa imkanlarından üsulluca, asanca öz şəxsi mənafeyi üçün istifadə edirlər. Bunu kimlər müəyyən edəcək? Hansı yolla arada sərhəd qoyulacaq? Nə şəkildə bunun qarşısı alınacaq? Hesab edirəm ki, qanun layihəsi nəzəri cəhətdən son dərəcə yaxşıdır, dəyərlidir, vacibdir. Amma bunların tətbiq mexanizmləri burada yoxdur.
Başqa bir məsələ də var. İstərdim, bu da qanun layihəsində öz əksini tapsın. Görünür, Azərbaycanda bizim Rusiya ilə bir olduğumuz vaxtlardan qalma bir ənənə var. Kim hansı vəzifəyə gəlirsə, özündən əvvəlkini hökmən ifşa eləməklə məşğul olur. Bu, millətimizin əxlaqına yad olan bir şeydir. Xarici ölkələrdə bələdiyyə idarəsinə gedirsən. Özündən əvvəl nə qədər adam işləyibsə, yaxşı və ya pis, hamısının şəkilləri divardan asılıb. Artıq bir sülalə kimi onların hamısının xatirəsi yad edilir. Bizdə kim gəlirsə, özündən əvvəlkinin nəinki şəklini, oturduğu mebelləri də dəyişir. Bütün binanı təmir eləyir ki, hər şey təzədən qurulmalıdır. Məncə, qanunda əksini tapmalıdır ki, bu idarə heç kimin şəxsi malı, şəxsi mülkiyyəti deyil. Ondan əvvəl işləyən məmura vətəndaş kimi hörmət eləməyə borcludur.
Sonra, 18.3-cü maddədə qeyd olunur ki, dövlət qulluqçusu digər dövlət qulluqçusunu siyasi birliklərin fəaliyyətində iştiraka təhrik etməməlidir. Mən bu barədə də fikrimi dedim. Bunlar hamısı çox dəyərli iddialardır. Çox arzu edərdik ki, nəhayət, bu məsələ Azərbaycanda həyata keçirilsin. Azərbaycanda bir sıra dövlət məmurları “dövlət” və “hökumət” sözlərini qarışıq salırlar. Məsələn, nazirdir, onun haqqında danışanda deyir ki, sən mənim haqqımda, dövlət haqqında belə danışa bilməzsən. Nazir və ya məmur özünü dövlət hesab edir. Başa düşmür ki, biz hamımız dövlətin qulluqçularıyıq. Biz hamımız vətəndaş olaraq dövləti qorumağa borcluyuq. Dövlət bizə xidmət eləməli deyil, biz dövlətə xidmət eləyirik. Təəssüf ki, Azərbaycanda bir sıra məmurlar dövləti ona xidmət mexanizmi kimi başa düşürlər. Daha doğrusu, onun şəxsi maraqlarına xidmət kimi. Bütün bunlar nəzərə alınmalıdır. Hesab edirəm ki, bu qanun layihəsi çox dəyərlidir. Amma gələcəkdə hökmən bunun tətbiqi mexanizmlərini reallaşdıran müəyyən üsullar, müəyyən imkanlar yaradılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Əli Hüseynova təşəkkür edirəm. Artıq onun rəhbərliyi altında komissiya tərəfindən parlament üzvlərinə Azərbaycanda çox mükəmməl və demokratik idarəetmə mexanizmlərinin yaradılmasına xidmət eləyəcək qanun layihələri gəlməkdədir.
Xatırlatmaq istəyirəm ki, bundan əvvəl, bəlkə də iki il bundan əvvəl biz “İnzibati icraat haqqında” Qanun qəbul etdik. Bütövlükdə bu, Azərbaycanda məsuliyyətli dövlət aparatının, dövlət idarəetmə sisteminin formalaşmasına xidmət eləyəcək qanun idi. Əslində, bir məsələyə qiymət verərkən qarşımızda seçdiyimiz hədəfi müəyyənləşdirməliyik. Əlbəttə, burada müəyyən təhlükələrdən söhbət açıldı. Guya bu qanun layihəsi məmurun hüquqlarını daha kiçik çərçivələrə salmaq, beləliklə, məmuru dövlətin heç nəyə təsir göstərməyəcək həlqəsi kimi göstərmək istəyir. Bu belə deyil. Burada sovet dövrü ilə də paralellər aparıldı ki, sovet dövründə mövcud olan əxlaq kodeksi dövlət idarəçiliyində bir sıra hallarda nəzəri qaydada göstərilirdi və heç nəyə yaramırdı. Mən elə hesab eləmirəm. Mənim şəxsi anlayışıma görə demokratiya və azadlıq anlayışları məmur üzərində həmin qaydada təvsir oluna bilməz. Məmur özbaşınalığı vətəndaşın haqlarını pozmaq səviyyəsinə gəlib çatmamalıdır.
Mən sizə son rəy sorğularından birini xatırlatmaq istəyirəm. Orada belə bir sual qoyulub ki, hakimiyyət qollarına necə etimad göstərirsiniz? Bu etimad şkalasında ən yüksək etimada malik olan cənab Prezidentdir. Yerdə qalan strukturlar çox aşağı göstəriciləri daşıyırlar. Təbii ki, bunun da özünəməxsus səbəbləri var. Əlbəttə, bir çoxları deyirlər ki, bu, Azərbaycanın idarəçilik quruluşu ilə bağlıdır. Bizdə prezidentlik üsuli-idarəsidir. Hesab edirəm ki, vətəndaşların bir sıra hallarda öz vəzifə məsuliyyətini yerinə yetirməməsi, qeyri-peşəkarlıq, vətəndaşın üzərində özünü və vəzifəsini böyük göstərmə, biganəlik və sair hallar dediyim etimadsızlıq şkalasına təsir eləyir. Qeyd eləyim ki, bu rəqəm 17 faizə qədərdir. Yəni söhbət məmur özbaşınalığından gileydir.
Biz media orqanlarında daha çox hökumətdən, dövlət orqanlarından, yerli icra strukturlarından, ayrı-ayrı şəxslərdən giley-güzar eşidirik. Bununla bağlı fikirləri gündəmə gətirənlər indi bu qanunun, bu sənədin məmurun müstəqilliyinə təsir eləməyindən danışmalıdırlar. İndi demokratik idarəetmənin ən mühüm şərti ondan ibarətdir ki, məmur birinci növbədə əxlaqlı olmalıdır.
Müharibə aparan ölkələrdə dövlət qulluğunu formalaşdırmaq çox çətin bir vəzifədir. Çünki zamanında erməniyə bir güllə atmış şəxslər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəyə necə qatılmışdılarsa, ayrı-ayrı vəzifə pillələrində təmsil olunaraq, az qala toxunulmaz bir sinfin nümayəndələrinə necə çevrilmişdilərsə, siyasi həyatda da elələri tapılmaqdadır. Kimsə zamanında Meydanda ya bir səs çıxarıb, ya da ondan sonrakı dövrdə hansısa addımlar atıb, indi özünə çox böyük güzəştlər, üstünlüklər tələb edir. Ona görə də mən hesab edirəm ki, məmur digər məmurdan hər hansı keyfiyyətlərinə görə üstün deyil, artıq deyil. Bu mənada bərabərdir.
Mən bir qeydimi səsləndirmək istəyirəm. Bəlkə də bayaq bunu deməli idim. Burada dövlətə sədaqət məsələsini kimsə səsləndirdi. Mən həmin fikirlə tam şərikəm. Bir müqayisə aparmaq istəyirəm. Minimum əmək haqqı ilə yaşayan hər hansı bir şəxs, yaxud minimum pensiya alan hər hansı bir vətəndaş dövlətin sabahına da, ölkəsinin Prezidentinə yanaşmada bəzən hakimiyyətin siyasi zirvəsində qərar tutub çox böyük imkanlar qazanan şəxsdən daha etimadlı münasibətdədir. O, bəzən ondan narazı olur, gileyini bildirir, hansısa məsələdə itaətsizlik eləyir. Ona görə də mən hesab edirəm ki, dövlətə sədaqət anlayışı çox böyük keyfiyyətdir və burada onun yazılması yaxşı olardı.
Başqa bir məqamı da səsləndirmək istəyirəm. Yenə də həmin sorğu ilə bağlı fikir bizim işimizə xeyir verərdi. Vətəndaşlara sual verilir ki, onlar dövlət qulluğunda hansı dəyərlərin üstünlük təşkil eləməsini istəyərdilər? Vətəndaşların böyük bir hissəsi – 61 faizi dövlət qulluğunda milli dəyərlərin üstünlük təşkil eləməsini, yalnız 6,6 faizi liberal kapitalist dəyərlərinin üstünlük təşkil eləməsini istəyiblər. Ona görə mən hesab edirəm ki, Azərbaycanda əxlaqi dəyərlərə malik dövlətin qurulması üçün bu çox vacib bir qanun layihəsidir. Mənim anlamımda Azərbaycanda dövlət xadimləri onsuz da az olub. Bizim anlamımızda ən əxlaqlı lider, ən əxlaqlı dövlət adamı, dövlət qulluqçusu məhz Heydər Əliyev olub. Dövlət qulluqçusunun adına və fəaliyyətinə xələl gətirəcək işlərdən çəkinmək lazımdır. Bu mənada Heydər Əliyevin əxlaqlılığından, onun peşəkarlığından və burada sadalanan digər müsbət məziyyətlərdən faydalanmaq önəmlidir. Mən bu layihəyə səs verəcəyəm, onu alqışlayıram və Əli müəllimə belə demokratik layihələr hazırlamaqda uğurlar arzulayıram. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də Dövlət qulluqçularının etik davranış qaydaları haqqında təqdim olunan qanun layihəsinə səs verəcəyəm. Hesab edirəm ki, bu, cəmiyyətdə olan münasibətlərin tənzimlənməsində xüsusi rol oynaya biləcək bir qanun layihəsidir. Gələcəkdə dövlət qulluqçularının, o cümlədən məmurların və bu sahədə çalışan insanların davranışına xüsusi nəzarət qoyulması, yaxud vətəndaşlarla qarşılıqlı münasibətdə etik çərçivəyə əməl edilməsinə xidmət edəcəkdir.
Qanun layihəsi dünyanın bir çox ölkələrində mövcuddur və biz də bunu qəbul eləyirik. Amma müəyyən məsələlərə toxunmazdan qabaq məndən əvvəl çıxış edən Sabir müəllim Yeni Azərbaycan Partiyası haqqında bir məsələni qeyd elədi. Birincisi, belə bir informasiya heç yerdə yoxdur ki, idarə və müəssisələrdə kimisə zorla Yeni Azərbaycan Partiyasının sıralarına yazırlar, yaxud qəbul edirlər. Əgər belə faktlar varsa, Sabir müəllimdən xahiş edirik, mərkəzi qərargaha müraciət eləsin və biz də lazımi ölçü götürək. İkincisi, “Siyasi partiyalar haqqında” Qanuna və Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə uyğun olaraq təşkilatlar ərazi prinsipi üzrə yaranır və hər hansı idarədə, müəssisədə, təşkilatda partiya təşkilatı ola bilməz. Bu, ərazi prinsipi əsasında formalaşır və ərazilərdə fəaliyyət göstərir. Ona görə də məsələnin bu cür qoyulmasını başa düşə bilmirəm.
Üçüncüsü, məsələyə digər bir aspektdə yanaşaq. Tutaq ki, Amerika Birləşmiş Ştatlarının özünü götürək. Bəyəm Buş hakimiyyətə gələndə Madlen Olbraytı dövlət katibi saxladıq? Xeyr. Hər bir partiya hakimiyyətə gələndə özünün komandası ilə gəlir. ABŞ-ın Dövlət Departamentində bir nümayəndə göstərin ki, B.Klintonun dövründən fəaliyyət göstərir. Hakimiyyətə gələn kimi o da öz xarici siyasətində müvafiq dəyişikliklər apardı, dövlət katibini təyin elədi, müavinləri təyin elədi. Yəni göstərdi ki, o da öz komandası ilə gəlib. Qardaş Türkiyəni misal göstərə bilərik. Ərdoğan seçkilərdə qalib gələndən sonra Ədalət və İnkişaf Partiyası bütün sistemdə dəyişikliklər apardı. Tutaq ki, Dəniz Baykalı Baş nazir təyin eləyərdi, yaxud xarici işlər naziri qoyardı.
Biz artıq bu formaya uyğunlaşmalıyıq, bu forma əsasında fəaliyyət göstərməliyik. Siyasi sistemin formalaşması əsasında öz fəaliyyətimizi qurmalıyıq. Ona görə də mən hesab edirəm ki, söylənilən fikirlərin qanuna və hüquqa uyğunluğu olmalıdır, ümumi qaydada formalaşmamalıdır. İndi bir tərəfdən biz Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsində müəyyən məhdudiyyətlər qoyuruq və istiqamətlər göstəririk ki, dövlət qulluqçusu özünü bu cür aparmalıdır. İnsanları bu cür qəbul eləməlidir, bu cür söhbət aparmalıdır. Gəlin, görək, cəmiyyət buna hazırdırmı? Tək bir insandan söhbət getmir. Tutaq ki, qəbuluna bir adam gəlir. Doğulduğu gündən bu yana ali təhsil almasından, SSRİ-nin neçənci qurultayında nümayəndə olmasından danışmağa başlayır. Məsələnin mahiyyəti qıraqda qalır. Həmin adam özünün həyat və yaradıcılığı haqqında məlumat verməyə başlayır. Əgər hər bir məmur gündə üç belə adam qəbul eləsə, onda məmur gərək, işini-gücünü qırağa qoysun, yalnız bu adamın həyat fəaliyyətini izləsin.
Cəmiyyət də buna hazır olmalıdır. Məsələn, Belçikada qonşu qonşuya müraciət etmək istəyirsə, səhər işə gedəndə qapının ağzında qabağını kəsmir. Başa düşür ki, səhər işə getməlidir, işə gecikə bilər, hər hansı bir nöqsan tutula bilər. Rəsmi qaydada məktub yazılır, xahiş olunur ki, nə vaxt sənin vaxtın varsa, müvafiq bir gün təyin elə, həmin gün görüşüb söhbət eləyək. Bizim cəmiyyətdə bu mövcuddurmu? Yasda da, toyda da, kim kimin əlinə harada keçdi, hər hansı bir məsələni həll eləmək üçün söhbətə başlayır. Reallıqdan danışmalıyıq, məsələyə real düşüncə ilə yanaşmalıyıq. Ona görə də məmur elə bir həddə çatır ki, nəinki etik davranış qaydaları yada düşür, az qalır, aşağıdan polis çağırsın ki, xahiş edirəm, bu adamı otaqdan çıxarın, çünki mahiyyət tamamilə kənarda qalır. Təbii ki, mən razıyam, ən əsas amil vətəndaşa, insana hörmətlə yanaşmaqdan ibarətdir. Lakin bunun üçün cəmiyyət özü müəyyən bir mərhələyə gəlib çatmalıdır. Cəmiyyət artıq bu məsələni dərk eləməlidir, bu məsələlər haqqında qarşılıqlı anlaşma olmalıdır.
Qanun layihəsinin bir neçə müddəası ilə bağlı burada fikirlər söylənildi. Mən hesab edirəm ki, burada 6.1-ci maddə tamamilə yerində olan bir maddədir: yəni dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi fikirləri söyləməkdən çəkinməlidir. Bəli, biz parlamentdə neçə dəfə şahidi olmuşuq ki, bir nazir kürsüyə çıxırdı, başqa bir nazirin fəaliyyəti haqqında danışmağa başlayırdı. Yaxud ölkədə hər hansı bir inhisarın olması haqqında danışırdı. Allah qapısını açsın, Fərhad Əliyev özü inhisarçılıqla məşğul idi, amma öz sahəsi qıraqda qalmışdı, başqa sahələri tənqid eləməyə başlayırdı. Məhz elə bu, etik davranışa və əxlaqa zidd olan məsələ idi. O cümlədən də digərləri, biri “nağıl” deyirdi və sair. Bunun hamısı ondan irəli gəlirdi ki, hər bir adam cavabdehlik daşıdığı sahəyə cavab verməlidir, başqa birinin sahəsinə toxunub onu tənqid atəşinə tutmamalıdır. Daha qabarıq şəkildə desək, başqa bir formada çıxış etməlidir.
Mənim xüsusi təkliflərim var. Bunlar 13-cü və 14-cü maddələrlə əlaqədardır. Mən hesab edirəm ki, orada bir az qeyri-müəyyənlik var. Məsələn, 13-cü maddədə göstərilir ki, kimsə nəsə alanda mütləq rəhbər vəzifəli şəxsə deməlidir, sonra protokol tutulmalıdır, bu, aktlaşdırılmalıdır. Reallıqdan kənar olan məsələdir. Ona görə də hesab edirəm ki, bu məsələlərə düzgünlük və aydınlıq gətirilməlidir. İkincisi, hədiyyənin kiçikliyi çəkisinə görədirmi, qiymətinə görədirmi, hündürlüyünə görədirmi? Elə şey ola bilər ki, bir otağın qiymətindən daha baha başa gələr. Bunun mahiyyəti açılmalıdır, mahiyyəti göstərilməlidir, ekvivalenti göstərilməlidir. Məsələn, Amerika Birləşmiş Ştatlarında belədir ki, konqresmenə 200 dollardan yuxarı hər hansı bir hədiyyə bağışlananda onu həmin idarədə qoymalıdır. Yaxud həmin hədiyyədən çox xoşu gəlirsə, hədiyyənin qiymətini öyrənir, pulunu dövlətin kassasına ödəyir və həmin hədiyyəni götürüb evinə aparır. Bunu da tətbiq eləmək çətin məsələdir.
Burada milli mentalitet, müəyyən dəyərlər var, mümkün olmayan məsələlər var. Mənim yadıma gəlir. Hüquq fakültəsinin dekanı rəhmətlik Məmmədxan müəllim var idi. Deyirdi ki, bizdə natura şəklində alınır, maddi şəkildə yox. İndi biri qoyun gətirib, biri toyuq gətirib, bunu hansı yeməkxanaya verməlisən? Yəni elə şeylər var ki, bu gün reallığı əks etdirməlidir, sistemə uyğun olmalıdır. Ona görə də hədiyyələrin miqdarı müəyyənləşdirilməlidir, qiyməti göstərilməlidir, mövcud sistemə, cəmiyyətin fəaliyyətinə uyğun olmalıdır. Bundan sonra qanunun fəlsəfəsi, qanunun mövcud dövr üçün konsepsiyası məqsədəuyğundur və deputat həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
 O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mənim çıxışımın da bir məqsədi ondan ibarətdir ki, bu qanun layihəsini səsə qoyaq. Ancaq bununla bərabər qanun layihəsini oxuyanda adam yorulur. Üzr istəyirəm, layihədəki bəzi sözləri Azərbaycan dilində olan sözlərlə əvəz etmək və istədiyiniz fikri daha dəqiq çatdırmaq olar. Nəzərə alın ki, bu qanun həm məmur üçün, həm də məmurun yanına gələnlər üçündür. Məmurun yanına gələndə “konfidensiallıq” deyəcəksiniz. Deyəcək, bu nədir? İkincisi, “maraqların toqquşması”. İngilis dilində belə bir hüquqi anlayış var. Azərbaycan hüququnda belə bir anlayış varmı? Yoxdursa, açıqlamaq lazımdır. Nə deməkdir? Mən sizinlə bir yerdə gedib yemək yesəm, bu, maraqların toqquşmasıdır, yoxsa yox? Onda buna aydınlıq gətirin. Bu nə deməkdir?
Çox üzr istəyirəm, bəzi məqamlar elə yazılıb ki, elə bil, məmur bu millətdən deyil. Bu da bizdəndir, axı. Kiminsə atasıdır, anasıdır, övladıdır. Məmur da dövlət üçün işləyir. Bu gün artıq elə bir vəziyyət yaranıb ki, dədəsindən, anasından küsən də Avropa Məhkəməsinə gedir. Bunu əlimizə götürək, Avropa Məhkəməsinə gedək. Məni nəzakətlə qarşılamadılar, nəzakətlə sığallamadılar. Məmuru da fikirləşmək lazımdır. Məmuru sabah kimsə şərləyib, deyəcək ki, filan yerə gedirəm. Bunu da fikirləşmək lazımdır. Məmur da insandır. Bayaq Siyavuş müəllimin dediyi kimi, yəqin ki, siz də insanları qəbul edirsiniz. Adam var ki, yanında başqası olmasa, pəncərədən atarsan. Onda neyləyək? Məmuru da fikirləşin, o da bu ölkənin vətəndaşıdır. Ona görə də xahiş edirəm, bu məqamlara yenidən baxaq, yenidən dəqiqləşdirək. Əlbəttə, qanun lazımdır, buna səs vermək lazımdır. Bundan artıq danışmaqla təkmilləşdirmək mümkün deyil, amma bu məqamların üzərində işləmək lazımdır. Ona görə də təklif edirəm, səsə qoyaq, bunların üzərində bir yerdə işləyək. Sağ olun.
Sədrlik edən. Nizami müəllim də təklif edir. Nizami müəllimə söz verək, ondan sonra səsə qoyarıq.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! 3 fəsil və 27 maddədən ibarət olan bu qanun layihəsini çox diqqətlə oxumuşam. Sizə də məlumdur ki, 2005-ci il həmin bu layihəni geniş şəkildə müzakirə elədik və ikinci oxunuşdan keçdi. Yəni biz indi bu layihənin yenidən müzakirəsini keçiririk. Bunu tamamilə təbii bir hal kimi qiymətləndirirəm. Ona görə ki, bu qanun layihəsinin geniş müzakirəyə çox ciddi ehtiyacı var və çox lazımlı, gərəkli bir qanun layihəsidir.
Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarında bu qanun 1974-cü ildə qəbul olunub. 250 illik dövlətçilik təcrübəsi olan bir dövlətdə cəmi 30-35 il bundan əvvəl qəbul olunub. Avropa ölkələrində də son zamanlar qəbul olunub. Avropa Şurası isə bu qanunun qəbul olunması ilə əlaqədar müəyyən tövsiyələr irəli sürüb. Deməli, bu qanunun üzərində işlənməlidir. Bizim kimi gənc, suveren dövlətlərdə bu qanun layihəsinin üzərində dəfələrlə işlənməli və geniş şəkildə müzakirə olunmalıdır.
Nizam-intizam baxımından dövlət qulluqçularının bu qanuna riayət eləmələri daha vacib məsələdir. Möhtərəm Prezidentimiz də öz çıxışlarında dəfələrlə bu məsələyə toxunmuşdur. İndi heç təsadüfi deyil ki, Prezidentin yanında yaradılan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə bizim komissiya bu qərar layihəsini hazırlayıb və bu gün müzakirəyə təqdim eləyib. Mən əvvəlcədən bu məsələyə toxundum ki, bunun adı belədir: “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”. Dövlət qulluqçuları o qədər də çox deyil, bu ancaq onlara aiddir. Bəs təhsil işçiləri, rektorlar, başqa müəssisələrdə işləyən məmurlar, rəhbər qulluqçular bu qanuna aid deyil? Bəs onda hansı qanuna aiddir? Onlar vəzifə sahibləri deyillər? Ona görə də yaxşı olar ki, bu qanun layihəsi bütün vəzifəli şəxslərə aid edilsin, nəinki yalnız dövlət qulluqçularına.
Sonra, bu qanun layihəsi çox loyal və geniş işlənib. Mən komissiyaya və qanunun üzərində işləyən deputatlara əvvəlcədən təşəkkürümü bildirirəm, çox zəhmət çəkiblər. Amma mən bir məsələni xüsusi qeyd edim ki, bunun dili qanun dilindən daha çox bədii əsərin dilinə oxşayır. Düzdür, burada yazıblar ki, etik davranış qaydaları. Ancaq qanunun dili bir qədər konkret qanuna uyğun olmalıdır. Çünki burada yazılıb: “…yerinə yetirilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir”. Gəlin, həmin mexanizmləri dəqiqləşdirək.
Burada ən mühüm məsələlərdən biri 2.0.5-ci maddədə yazıldığı kimi, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılmasından ibarətdir. Yəni ola bilsin ki, dövlət qulluqçularında gözlənilən davranış barədə rəhbər işçilərin məlumatı var, lakin vətəndaşların bundan məlumatı yoxdur. Ona görə də vəzifəli şəxslər vətəndaşları da məlumatlandırmalıdır və onlar da bilməlidirlər  ki, vəzifəli şəxsin işi nədən ibarətdir.
Xahiş edirəm, diqqətlə qulaq asın. 3.3-cü maddədə yazılır: “Bu qanunla müəyyən olunmuş xidməti davranış qaydalarını konkretləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər”. Əvvəla, “bilər” sözü qanun sözü deyil. Mən də deyirəm ki, hüquqi aktlarla müəyyənləşdirilə bilməz. Qanundursa, hökm verməlidir, mübahisə açmamalıdır. Ancaq burada müəyyənləşdirilə bilər. Burada yazılmalıdır ki, müəyyənləşdirilməlidir, ya müəyyənləşdirilir. Sonra ardınca yazılır: “Göstərilən normativ hüquqi aktlar bu qanunun müddəalarına zidd olmamalıdır.” Biz də bilirik ki, buna zidd olmamalıdır. Zidd olacaqsa, onda niyə bu qanunu ortaya çıxarıblar? Belə loyal sözlər yazılmamalıdır.
Burada 4-cü maddədə yazılır: “Dövlət qulluqçusu bütün hallarda digər dövlət qulluqçuları və ictimaiyyət üçün vicdanlılıq nümunəsi olmalıdır”. Bu nə sözdür? Bu, şeirdir? Yazmalıdırlar ki, şəxsi nümunə olmalıdır. Vicdanı hərə bir cür başa düşür. Elədiyi hərəkətə bir cür qiymət verir. Deyir ki, mənim hərəkətim ən vicdani hərəkətdir. Bunu hərə bir cür mənalandırır. Bu, hüquqi termin deyil. “Şəxsi nümunə” isə hüquqi termindir. Sonra burada mən bəzi məsələləri qeyd eləyim. “Ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etmək” nə deməkdir? Vallah, mən bunu oxuya bilmirəm. Bu nə deməkdir, hansı dildədir? Bu qanunu oxuyub əməl edən adam bu söz üçün, gərək, lüğət axtarıb tapa. Bunları tapıb düzəltmək lazımdır.
Sonra, burada belə bir fikir var. Bu çox mübahisəli məsələdir. Yazır: “O, birbaşa rəhbərindən bu əmr, sərəncam və tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir”. Yəni işçi rəhbərindən onu tələb eləməlidir. Axırda yazır: “həmin əmr, sərəncam və tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.” Qanundur, əmr verib, işçi də bundan imtina edə bilər. Orada yazılır ki, niyə imtina edə bilər. Çünki öz aləmində qanunun bu maddəsini düzgün hesab eləmir və imtina edə bilər. Xeyr, əvvəla, o, şikayət eləməlidir. O düzəliş əmələ gəlməlidir, düzəliş qanuna mindikdən sonra imtina eləyə bilər. Burada yazır ki, imtina eləyə bilər. Aşağıda isə 10.3-cü maddədə yazır: “qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur”. Bir tərəfdən deyir ki, eləməyə bilər. Digər tərəfdən də deyir ki, eləməsə, intizam məsuliyyəti daşıyır. Ziddiyyətli məsələlərdir.
Burada əsas bir məsələyə toxundular ki, dövlət qulluqçsu dövlət qulluğundan getdikdən sonra qanunvericiliklə müəyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət ediyi idarə, müəssisə, təşkilatlara və ya onların şöbələrinə işə qəbul edilə bilməz. Bir adam bir yerdə işləyib, işdən çıxıb, indi deyir yox, orada qəti işləyə bilməz. Oradan çıxdı, qurtadı. Belə qanun olar? Belə forma olar? Necə yəni işləyə bilməz? Bu adam müəllimdir, yaxud filan sənətin sahibidir, öz sənəti üzrə işləməlidir. Onda gedib başqa sahədə işləməlidir? Burada yazılır ki, nəzarəti müvafiq dövlət orqanı bu qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir. İndi “müvafiq dövlət orqanı”nın nə olduğunu bildik nədir.
Dediyim kimi, bu məsələlər çoxdur. Mən bunu tamamilə təbii hesab edirəm. Ona görə təbii hesab edirəm ki, bu qanun ilkin qanundur. Biz suveren dövlətik. Bəlkə də üçüncü, beşinci dəfə bu qanunun üzərində işlənəcək, daha da təkmilləşəcək, ondan sonra qəbul ediləcək. Ümumiyyətlə, mən bu qanunun hazırlanmasını, bu layihəni müsbət qiymətləndirirəm. Amma bunun dili üzərində, onun məntiqi üzərində çox ciddi işləməyə ehtiyac olduğunu xüsusi qeyd edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Nizami müəllim, belə çıxır ki, hüquqi termin olan yerdə bədii sözlər işlətmək olmaz? Şeir başqa, bədii izahat başqa. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Mən də qanun layihəsi barədə bir neçə kəlmə demək istərdim. Əlbəttə, şəxsən mənim fikrimcə, əslində, mən bunu tam səmimi deyirəm, məmurun etik davranış qaydaları haqqında bu cür qanunun qəbul olunması prinsipcə düz deyil. Amma biz inkişafın elə mərhələsindəyik ki, keçid dövrünü yaşayan dövlətik. Görünür, cəmiyyət hələ o mərhələyə çatmayıb ki, etika ilə bağlı olan normaları biz hüquq müstəvisinə çıxarmayaq. Hər bir şəxsin davranışı, etikası, mədəniyyəti, əxlaqı, tərbiyəsi ilə bağlı məsələlərin hər hansı bir hüquq normaları ilə tənzimlənməsinə prinsipcə ehtiyac yoxdur. Amma yenə deyirəm, biz inkişafın elə mərhələsindəyik ki, buna ehtiyac var. Bu mənada qanunun qəbul olunması vacibdir. Bu, birmənalıdır.
Əli müəllim, konkret olaraq, vaxt almamaq üçün qanun layihəsinin 1-ci maddəsində prinsiplərlə bağlı məsələlər çox ciddi işlənməlidir. Burada göstərirsiniz: “qanunun aliliyi, insan hüquqları, demokratik prinsiplər”. Belə çıxır ki, insan hüquqları və qanunun aliliyi demokratik prinsiplərdən kənardır. Bu cür anlaşılmasın deyə, ümumiyyətlə, “demokratik prinsiplər” anlayışı qanunda düzgün hesab edilə bilməz. Düzdür, müəyyən hüquq ədəbiyyatlarında “demokratik prinsiplər” anlayışı işlənir. Amma demokratiklik özü bizim Konstitusiyamızda prinsipdir. Məsələn, Azərbaycan Konstitusiyasının 7-ci maddəsində göstərilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Bu mənada ya “demokratik prinsiplər” yazılmalıdır, ya da, ümumiyyətlə, sadalanırsa, prinsiplərin hamısı göstərilməlidir.
Burada bir məsələyə də xüsusi diqqət yetirmək istəyirəm. Bizim Konstitusiyanın 7-ci maddəsindən hakimiyyətin məhdudlaşdırılması hüquqla müəyyən olunur. Yəni Azərbaycan Respublikasının daxilində dövlət hakimiyyəti hüquqla məhdudlaşdırıldığından qanunun aliliyindən yox, hüququn aliliyindən söhbət getməlidir. Mən belə hesab edirəm. Çünki hüquq obyektiv anlayışdır və bu mənada hüququn aliliyi daha düzgün olardı.
Digər bir məsələ. Burada 6-cı maddədən çox danışıldı. Sözün düzü, konkret olaraq, bu maddə çıxarılsa, əvəzinə nə yazmaq lazımdır, mənim konkret reseptim yoxdur. Amma Əli müəllim, burada mən nədən ehtiyatlanıram? Siz təsəvvür edin ki, hər hansı bir idarənin, təşkilatın, müəssisənin rəhbərini onun tabeçiliyində olan məmur tənqid eləyə bilməz. Mən başa düşürəm, onun qanunsuz fəaliyyəti burada istisnadır. Amma əgər, doğrudan da, rəhbər fəaliyyətsizlik göstərirsə, yaxud deyək ki, üzərinə düşən funksiyaları lazımınca yerinə yetirmirsə, onun tabeliyində olan şəxs hətta etika çərçivəsində belə buna irad tutursa, artıq 23-cü maddə işə düşəcək. Deyəcək ki, siz etik davranış qaydalarını pozduğunuza görə sizi işdən çıxarıram. Yəni bu günün özündə belə hər hansı bir məmuru onun tabeliyində olan işçi tənqid eləyəndə, istər-istəməz həmin işçini gözümçıxdıya salırlar. Amma biz buna qanuni don geyindirsək, sabah onun tabeliyində olan işçinin vəziyyəti o qədər də yaxşı olmayacaq. Hər halda mən yenə deyirəm, konkret olaraq, bununla əlaqədar mənim təklif edə biləcəyim bir formula yoxdur. Amma hər halda bunu nəzərə almağınızı xahiş edirəm ki, gələcəkdə problemlər yaratmasın.
Burada 13-cü və 14-cü maddələrlə əlaqədar həmkarlarım fikir söylədilər. Əli müəllim, bu fikirlərin, bu normalarda müəyyən olunan müddəaların əksəriyyəti artıq “Dövlət qulluğu haqqında” Qanunda var. Buna baxmaq olar. Ya uyğunlaşdırmaq olar, ya da lazımdırsa, onları çıxarmaq olar. Burada bəzi məsələlərin açıqlaması verilməlidir. Əgər verilmirsə, onda “Dövlət qulluğu haqqında” Qanuna istinad eləmək lazımdır.
Burada iki məsələyə də münasibət bildirmək istəyirəm. Deputat həmkarlarımdan biri “İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir” cümləsində “cinayət təqibi orqanı” ifadəsini “prokurorluq orqanı” ilə əvəz etməyi təklif etdi. Amma hesab edirəm, qanun layihəsində belə də olmalıdır. Çünki Konstitusiyanın 93-cü maddəsinə görə Milli Məclisin qəbul etdiyi qanun və qərarlarda hüquq mühafizə orqanlarına və icra orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Yəni göstəriş xarakterli tapşırıqlar verə bilmərik. Bu, yerindədir. Onsuz da bu qanun qüvvəyə minəndə cənab Prezidentin fərmanında bunu hansı orqanın yerinə yetirəcəyi göstəriləcək.
Nəhayət, maraqların toqquşması ilə bağlı hörmətli deputatlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, biz artıq İnzibati İcraat Məcəlləsini qəbul eləmişik və orada bu anlayış verilib. Maraqların toqquşması nədir? 2.0.3-cü maddədə yazılıb: “dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması”. Əli müəllim, mən o fikirlə də razıyam ki, doğrudan da, bunu adi vətəndaş oxuyanda nə başa düşsün? Burada hansı maraqların toqquşmasından söhbət gedir? Ona görə də əgər bunu yazırıqsa, “maraqların toqquşması” sözlərindən sonra vergül qoyub onun müəyyən qədər açılışını vermək lazımdır. Vətəndaş başa düşməlidir ki, “maraqların toqquşması” deyəndə korrupsiyaya qarşı mübarizənin hansı detallarından söhbət gedir.
Qanun layihəsi tamamilə yüksək səviyyədə işlənilmiş normativ bir sənəddir və sizin hamınızı bu qanun layihəsinə ikinci oxunuşda səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İmkan yaradaq, komissiyanın sədri bəzi sualları cavablandırsın. Əli Hüseynov.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə, mən bütün həmkarlara, Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, bütövlükdə bu qanun layihəsinin qəbul edilməsinin zərurəti ilə bağlı çox müsbət fikirlər səsləndirdilər. Habelə bizim komissiyanın, komissiya üzvlərinin, işçi qrupunun ünvanına da müsbət fikirlər səsləndirdilər. Bu münasibətə görə çox sağ olun.
Nəzərinizə çatdırım ki, bu qanun layihəsi təxminən il yarımdan sonra sizin təşəbbüsünüzlə ikinci oxunuşda yenidən müzakirənizə çıxarıldığı üçün həm işçi qrupu, həm də komissiya məsələyə çox məsuliyyətlə yanaşmışdır. Bizim niyyətimiz o idi ki, daha çox təkliflər səslənsin. Əgər iradlar varsa, bildirilsin. Nəticədə hüquqla, normalarla, maddələrlə tənzimlənən mənəvi normalarla bağlı mükəmməl sənəd ortaya çıxara bilək. Həqiqətən də, bu, heç də asan deyil, çünki həmin mənəvi meyarları, mənəvi dəyərləri biz ilk dəfə hüquq çərçivəsinə salmaq istəyirik. Ona görə də ilk növbədə sizə təşəkkür edirəm.
İstərdim ki, həm Valeh müəllimin, həm də Ziyafət müəllimin səsləndirdiyi fikirlərə bir qədər qayıdım. Çalışırıq ki, bizim qanunvericilikdə, müstəqil dövlətin yaratdığı qanunvericilikdə dilimizə hörmət edək. Nəhayət, Azərbaycan milli qanunvericilik anlayışını yaradaq. Buna baxmayaraq, bəzən xarici sözlərdən istifadə edirik. Bu da, əslində, normal haldır. Amma çalışmaq lazımdır ki, milli qanunvericilik terminologiyasına qayıdaq. Xüsusən sonda “konfidensiallıq” anlayışı bizi vadar edəcək ki, buna bir qədər ciddi yanaşaq.
Ziyafət müəllim, Siz bilirsiniz, maraqların toqquşması haqqında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasında bu müzakirə aparılıb. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nəzdindəki işçi qrupu xüsusi bir qanun hazırlayır. Ona görə də qeyd etdim ki, bu qanun layihəsində ilk dəfə bu anlayış verilir. Ola bilər, biz bunu eləyə bilərik, bir balaca aydınlıq verə bilərik. Amma problem burasındadır ki, bütün bu qanunlar korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən qanunverici aktların tərkib hissəsidir. Bəlkə də paket şəklində təqdim eləyə bilsəydik, buna ehtiyac olmazdı. Təəssüf ki, çatdıra bilmirik. Biz bu barədə düşünərik. İlk dəfə olaraq maraqların toqquşmasını bu qanun layihəsində səsləndirdik. Hər halda cəhd eləyək ki, onun kiçik izahatını verək. Çünki sonra maraqlar toqquşmasının qarşısının alınması haqqında xüsusi bir qanun olacaq və parlamentdə anlayışların mahiyyəti çox geniş müzakirə olunacaq.
Müzakirələr zamanı burada, həqiqətən də, çoxlu maraqlı fikirlər səsləndi. İlk növbədə bu qanunun zərurəti ilə bağlı fikrə münasibət bildirmək istəyirəm. Həmkarlarım Rafael Cəbrayılov, Siyavuş Novruzov, Pənah Hüseyn və digər millət vəkilləri öz çıxışlarında bir daha göstərdilər ki, bu qanun zəruridir. Niyə? Ona görə ki, mən bunu səmimi deyirəm, Avropa Şurasına üzv olan ölkələr bu qanunu qəbul edib, MDB-yə üzv olan ölkələrdə, həmçinin çox düzgün qeyd olundu, Amerika Birləşmiş Ştatlarında “Mülki xidmətin islahatı haqqında” 1974-cü il tarixli qanun var. Amma mən hesab edirəm ki, bu, hələ arqument deyil.
Heç zaman cəhd etməmişəm ki, bir qanun layihəsini təqdim edəndə göstərim, baxın, bütün dünya ölkələri qəbul edib, ona görə biz də etməliyik. Bu, arqument deyil. Bu, mahiyyət baxımından düzgün yanaşma deyil. Amma bu, zəruridir. Ona görə yox ki, başqa dövlətlər, o cümlədən Avropa Şurasına üzv olan dövlətlər edir. Ona görə zəruridir ki, həqiqətən də, dövlət qulluqçularının davranışının, etik davranışının çərçivəsi müəyyən olunmalıdır. Çünki o, dövlət qulluqçusudur.
Hər bir şəxs, hər bir insan hərəkətlərində, davranışlarında azaddır. Azad ölkədə yaşayırıq. Amma misal üçün, hakim seçiləndən sonra bizim hazırladığımız “Hakimlərin etik davranış kodeksi”ni həm də stolüstü kitabçası etməlidir. Nizamnamədə millət vəkillərinin etik davranışını tənzimləyən müddəalar var. Təəssüf ki, pozulub. Yeri gəlmişkən, hesab edirəm, bu məsələ tamamilə düzgün qaldırılıb ki, həmin məsələlərə biz yenidən qayıtmalıyıq. Yəni dövlət qulluqçusu, vəzifəli şəxs vəzifəyə təyin olunandan, seçilən andan onun müəyyən bir çərçivəsi müəyyənləşdirilir. Çünki onun vəzifəsi var, imtiyazları var, dövlət qayğısı var. Eyni zamanda, o, vətəndaşla təmasda olduğuna görə, dövlət hakimiyyət orqanını təmsil elədiyinə görə çərçivə müəyyənləşdirilməlidir. Bu çərçivə ancaq etik davranışla bağlıdır. Bunu müəyyənləşdirmək asan deyil. Çünki mənəvi dəyərləri, mənəvi meyarları normalara salmaq çox çətindir. İndi bəzən şeirlərdə, poeziyada bəzədirlər. Amma həqiqətən, bu, asan məsələ deyil. Bu baxımdan hesab edirəm ki, bu qanunun qəbulunun zərurətinə şübhə olmamalıdır. Sizə bir daha təşəkkür edirəm.
Əlbəttə, başqa yol da ola bilərdi. Mən sizə səmimi deyirəm. “Dövlət qulluğu haqqında” Qanunu qəbul edəndə ayrıca bir fəsil vermək olardı. Bu yolu seçən dövlətlər də olub. Amma hesab etdik ki, məhz Avropa Şurasına üzv olmaq təcrübəsindən çıxış edərək, ayrıca belə bir lakonik bir qanun layihəsi işləyib hazırlayaq.
Burada fikirlər səsləndi ki, bu qanun layihəsinin predmeti, əhatə dairəsi bir qədər geniş olmalıdır. Nizami İsgəndərov, Nizami Xudiyev və bir neçə millət vəkili buraya “vəzifəli şəxs” anlayışını əlavə etməyi təklif etdilər. Cənab Sədr, qeyd edim ki, bu fikirlər işçi qrupunda da olub. Bəlkə də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda istifadə olunan “vəzifəli şəxs” anlayışını bura tətbiq etsək, onda bir qədər də geniş olar. Misal üçün, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda korrupsiya cinayətinin subyekti həm də bələdiyyələrin vəzifəli şəxsləridir. Yəni bu barədə fikir işçi qrupunda da olub. Biz bu barədə düşünürük. Elə bilirəm ki, səslənən bu fikirlər təsadüfi deyil və bu barədə düşünmək olar. Ona görə də biz üçüncü oxunuşa qədər bir daha bu məsələləri müzakirə eləyə bilərik.
Burada səsləndi ki, Azərbaycan dövlətinə sədaqət prinsipi bir daha burada vurğulansın. Çünki həqiqətən də, dövlət qulluqçusunun qarşısında duran ən böyük vəzifə Azərbaycan Respublikasına, dövlətə sədaqətli xidmətdir. Düzdür, bu bizim “Dövlət qulluğu haqqında” Qanunda var. Bu fikir səsləndi. Bəlkə də bunu etik norma kimi bir daha salmaq olar.
Burada millət vəkilləri qeyd etdilər ki, bu qanun layihəsi çox lazımlıdır. Amma reallıqda işləyəcəkmi və ya cəmiyyət buna hazırdırmı? Mən başa düşürəm. Amma gəlin, razılaşaq ki, biz gənc, müstəqil bir dövlət olsaq da, amma Azərbaycanın, həqiqətən də, çox qədim dövlətçilik ənənələri var. Yəni demək istəyirəm ki, biz Şərq dövləti, şərqli olsaq da, hüquqi dövlət anlayışı bizə yad deyil. Məhz buna görə də Şərqdə ilk demokratik dövlət Azərbaycana məxsus olub.
Mən elə bilirəm ki, bizim dövlətçiliyin ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, biz şərqli olaraq bu milli mənəvi dəyərləri qoruyub saxlayırıq, amma hüquqi dövlət qururuq. Yəni qanunla tənzimlənən dövlət qururuq. Bu baxımdan hesab edirəm ki, bizim, millət vəkillərinin borcu, əslində, cəmiyyətin, ictimai fikrin önündə getməkdir, ictimai fikri buna hazırlamaqdır. Əgər cəmiyyətdə vətəndaş-məmur münasibətləri istənilən səviyyədə deyilsə, demək, bunu qanunla tənzimləmək lazımdır. Cəmiyyəti buna biz hazırlamalıyıq. Bu məsələni gələcək nəsillərin boynuna qoymaq lazım deyil. Hesab edirəm ki, Azərbaycan dövlətinin indiki mərhələsində bunu etmək lazımdır. Çünki dövlətimiz gənc olsa da, dövlətçilikdə kifayət qədər uğurlar əldə edibdir.
Mən bilirdim və çıxışımda da qeyd etmişdim ki, həqiqətən də, 6-cı maddə loyallıq maddəsi ilə bağlı, 14-cü və 23-cü maddələrlə bağlı fikirlər olacaq. Misal üçün, 6-cı maddədə loyallıq prinsipini bizim milli ekspertlər söz azadlığına, tənqidə qarşı bir maddə hesab edirdilər. Amma beynəlxalq ekspertlər hesab edirlər ki, bu çox normal bir müddəadır. Bəzən biz düşünürük ki, onlar burada daha liberaldırlar, amma həmin maddənin əksinə tərəfdar idilər. Yəni demək istəyirəm ki, bu maddələrin üzərində bir daha düşünməyə dəyər. Ona görə də mən sizə söz verirəm ki, biz bunu edəcəyik.
Sonda mən bir məsələni diqqətinizə çatdırmaq istərdim. Müəyyən suallar meydana çıxdı. Həqiqətən də, həmin sualların başqa qanunlarda cavabı var. Misal üçün, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluğu ilə bağlı bir çox məsələlər tənzimlənir. Orada dövlət qulluğu ilə bağlı məhdudiyyətlər də göstərilir. Məsələn, dövlət qulluqçusu tətildə iştirak edə bilməz. Yəni məhdudiyyətlər məlumdur. Biz burada hər halda cəhd etmişik, çalışmışıq ki, təkrarçılığa yol verməyək, oradakı müəyyən müddəaları inkişaf etdirə bilək. Misal üçün, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda hədiyyə almaqla bağlı 8-ci maddədə məhdudiyyətlər var. Onda da bu məsələ çox geniş müzakirə olundu.
Cənab Sədr, biz Bəhram müəllimlə də söhbət etmişik. Daha aydın olsun deyə, biz üçüncü oxunuşa qədər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən tərtib olunmuş və dövlət qulluğu məsələləri ilə bağlı digər normativ aktları özündə ehtiva edən bir kitab hazırlamışıq. Sadəcə, gələn il hazır olacaq. Biz onu parlamentə təqdim edəcəyik. Yəni elə məsələlər ola bilər ki, həmin sualların cavabları başqa qanunlarımızda var. Mən hesab edirəm ki, bizim komissiyanın işi bundan ibarət olmalıdır.
Biz çalışmalıyıq ki, təkrarçılığa yol verməyək, yəni kifayət qədər lakonik olsun. Çünki bu ancaq davranış qaydalarını müəyyənləşdirən bir sənəddir. Eyni zamanda, çalışacağıq ki, burada meydana çıxan sualları, vətəndaş və məmur arasındakı davranış qaydalarını tənzimləyən müddəalar daha aydın şəkildə təsbit edilsin. Ona görə də mən bir daha təşəkkür eləmək istəyirəm ki, bu qanun layihəsini dəstəklədiniz. Hesab edirəm ki, bu qanun layihəsini qəbul etməklə Azərbaycan dövlətçiliyinə, bütövlükdə idarəçilik sisteminə öz töhfəmizi vermiş olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsinin bugünkü müzakirəsi bir daha göstərdi ki, həqiqətən, onun ikinci oxunuşa bir daha çıxarılması çox düzgün məsələ imiş. Bizim hörmətli millət vəkilləri tərəfindən çox gözəl fikirlər səsləndi, təkliflər verildi. Mən ümidvaram ki, komissiya bunları nəzərə alacaq və üçüncü oxunuşda daha təkmilləşdirilmiş qanun layihəsi ortaya çıxacaq. Əgər etiraz eləmirsinizsə, təklif olundu ki, səsə qoyaq. Fəsil-fəsil səsə qoyaq, yoxsa maddə-maddə? Qanun layihəsi üç fəsildən ibarətdir. Xahiş edirəm, I fəslə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Xahiş edirəm, II fəslə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Xahiş edirəm, III fəslə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
İndi xahiş edirəm, qanun layihəsini bütövlükdə ikinci oxunuşda səsə qoyaq.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, hörmətli millət vəkilləri, qanun layihəsi ikinci oxunuşda qəbul olundu. İclasımız sona çatdı. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU