10.04.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 47
Milli Məclisin iclas salonu.
10 aprel 2007-ci il. Saat 12.
Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Q.Əsgərzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti.
Ə.Qocayev, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Təşkilat İdarəsinin rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında əsasnamənin layihəsi barədə (üçüncü oxunuş).
3. “Regional əməkdaşlığa ümumi baxış haqqında” Tbilisi Bəyannaməsinin təsdiq edilməsi barədə.
4. “Bakı–Tbilisi–Qars yeni dəmiryol xətti haqqında” Sazişin təsdiq edilməsi barədə.
5. “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında” Sazişə “Terrorçuluğa qarşı mübarizə haqqında” Əlavə Protokolun təsdiq edilməsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında” Sazişin təsdiq edilməsi barədə.
7. Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsinin təsdiq edilməsi barədə.
8. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə.
9. Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında.
10. “2007−2009-cu illər üzrə humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında.
11. Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında.
12. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
13. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq üzrə” Sazişin təsdiq edilməsi haqqında.
14. Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət Sazişinin təsdiq edilməsi haqqında.
15. “Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
16. Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
17. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq haqqında” 1995-ci il iyulun 2-də Buxarest şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Əlavə Protokolun təsdiq edilməsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” 2002-ci il oktyabrın 29-da Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Əlavə Protokolun təsdiq edilməsi haqqında.
19. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə.
20. Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında Protokolun təsdiq edilməsi barədə.
21. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında texniki, maliyyə və humanitar əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
22. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
23. Azərbaycan Respublikası və Ukrayna arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında.
24. “Azərbaycan Respublikasının Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə.
25. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik əməkdaşların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə.
26. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
27. “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
28. “Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
29. “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
30. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə.
31. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə.
32. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
33. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
34. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
35. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
36. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
37. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli, 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə dəyişikliklər və əlavə edilməsi barədə.
38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
39. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə.
40. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
41. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
42. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
43. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
44. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
45. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
46. Penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
47. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Regional əməkdaşlığa ümumi baxış haqqında” Tbilisi Bəyannaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Bakı–Tbilisi–Qars yeni dəmiryol xətti haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında” Sazişə “Terrorçuluğa qarşı mübarizə haqqında” Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “2007−2009-cu illər üzrə humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq üzrə” Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq haqqında” 1995-ci il iyulun 2-də Buxarest şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Əlavə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” 2002-ci il oktyabrın 29-da Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Əlavə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında texniki, maliyyə və humanitar əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
22. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
23. “Azərbaycan Respublikası və Ukrayna arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
24. “Azərbaycan Respublikasının Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik əməkdaşların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
26. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
27. “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
28. “Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
29. “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
30. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
31. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
32. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
33. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
34. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
35. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
36. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
37. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli, 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
39. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (birinci səsvermədə).
40. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
41. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
42. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
43. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
44. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
10 aprel 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 98
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik hamınıza paylanıbdır. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.00 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq olundu. Bildiyiniz kimi, bizim bugünkü iclasımızın gündəliyində 47 məsələ var. Xahiş edirəm, bir qədər diqqətli olaq – gündəlikdə bir çox bəyannamələr, sazişlər, qanunlar və qanuna dəyişikliklər vardır. Gündəliyin müzakirəsinə ehtiyac varmı? Onda, xahiş edirəm, gündəliyin birinci məsələsinə keçək. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuşda) barədə Əli Hüseynov məlumat verəcək. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi, bildiyimiz kimi, parlamentin müzakirəsinə cənab Prezident tərəfindən təqdim olunmuş, burada onun ətrafında çox fəal, qızğın müzakirələr olmuş, çoxlu maraqlı təkliflər irəli sürülmüş, əsaslı iradlar bildirilmişdir. Məlumat üçün qeyd etmək istəyirəm ki, işçi qrupu tərəfindən qanun layihəsinin ikinci oxunuşdan sonra bir daha geniş müzakirəsi keçirilmişdir. Millət vəkillərinin burada səsləndirdiyi fikirlər, bildirdikləri iradlar ciddi müzakirədən sonra, eyni zamanda, qanunvericilik təşəbbüsü subyekti ilə də razılaşdırılmışdır. Üçüncü oxunuşda müzakirənizə müəyyən dəyişikliklər edilmiş qanun layihəsi təqdim olunmuşdur. Mən işçi qrupunun özü tərəfindən də aparılmış müəyyən dəyişikliklər barədə sizi məlumatlandıracağam.
İkinci oxunuşun müzakirəsi zamanı, yadınızdadırsa, Siyavuş Novruzov, İlyas İsmayılov və digər millət vəkilləri bu məsələnin zəruriliyi barədə suallar qoydular. Baxmayaraq ki, buna onda münasibətimi bildirmişəm, ancaq bir daha demək istəyirəm ki, özəl mühafizə xidməti sahibkarlıq fəaliyyətinin bir növüdür. Hal-hazırda bu cür şirkətlər fəaliyyət göstərirlər. Amma mülki qanunvericiliklə tənzimlənən bu fəaliyyətin xüsusiyyətini nəzərə almaq, onda dövlət fəaliyyəti mexanizmini yaratmaq zəruridir. Qanun layihəsinin də məqsədi, əslində, bundan ibarətdir.
Birinci oxunuşda müzakirələr zamanı, bilirsiniz ki, özəl mühafizə fəaliyyətində mülki silahın istifadəsi ilə bağlı iradlar olmuşdu. Bununla bağlı qanunvericilik təşəbbüsü subyekti ilə də söhbət aparıldı və birmənalı mövqe belə oldu ki, qeyri-dövlət mühafizə fəaliyyətində mülki silahdan istifadə qadağan edilməlidir. Amma mən bundan əvvəlki çıxışımda da demişdim, bu təklifin nəzərə alınması bütövlükdə qanun layihəsinə yanaşmanı dəyişdirdi və biz də bu yanaşma ilə razılaşdıq. İkinci oxunuş zamanı da ortaya çıxan bir çox məsələlər məhz bununla bağlı idi.
Konkret olaraq çıxışlarla bağlı bəzi qeydlərimi demək istəyirəm. Millət vəkili Tahir Süleymanov 9.4.3-cü maddənin yeni redaksiyasını təklif etdi. Bu təklif onunla əsaslandırılırdı ki, hərbi xidmət çağırışından möhlət hüququ ilə bağlı məsələlər digər qanunvericilik aktlarında, o cümlədən Vergi Məcəlləsi və başqa qanunlarda tənzimlənib. Bu təklif əsaslı idi, ona görə də o maddə Tahir müəllimin təklif etdiyi formada, yəni yeni redaksiyada verilmişdir.
20.2-ci maddəyə dair belə bir fikir söyləndi ki, burada təkcə “sorğular” anlayışından istifadə olunsa, müəyyən problemlər yarana bilər. Orada “yazılı”, bir də “şifahi məlumatlar” anlayışlarından istifadə olunması təklifi əsaslı idi və nəzərə alınıb. Bu variantda “yazılı” sözü qanun layihəsinin 20-ci maddəsinə əlavə olunmuşdur.
Fazil Mustafayev çoxlu sayda təkliflər vermişdi. Onun birinci təklifi qanunun adı ilə bağlı idi. Adın “Özəl mülkiyyətin fəaliyyəti haqqında” olması məsələsi qanunvericilik təşəbbüsünün subyekti ilə müzakirə olundu, amma rəy, fikir bundan ibarət oldu ki, qanunun təyinatına uyğun olduğu üçün “Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında” da qalmalıdır. Mən də bu fikirlə razıyam.
Fazil müəllim 9.1-ci maddəyə “həqiqi hərbi xidmət keçmiş kişilər və 21 yaşına çatmış qadınlar” ifadəsinin əlavə edilməsi təklifini vermişdi. Qeyd etmək istəyirəm ki, əlbəttə, bu xidmətdə qadınlar da çalışa bilərlər. Bu, düzgün təklif idi və məsələ 9.1-ci maddədə nəzərə alınmışdır. Çünki burada söhbət Azərbaycan Respublikasının vətəndaşlarından gedir. 9.4.3-cü maddəyə etdiyimiz düzəlişə görə Fazil müəllimin 9.1-ci maddəyə təklifi nəzərə alınmır. Xahiş edirəm, bunu nəzərə alasınız.
Eyni zamanda, Fazil müəllim tərəfindən 9.3-cü maddədəki “sonra isə mütəmadi tibbi müayinədən keçirilir” ifadəsi iki variantda təklif olunmuşdu. Onun ya “ildə bir dəfədən az olmayaraq”, ya da “ən azı ildə bir dəfə” yazılması təklifi əsaslı idi. Bu, işçi qrupunda müzakirə olundu. Birinci təklif: “ildə bir dəfədən az olmayaraq” forması qəbul olundu.
9.4.1-ci maddənin çıxarılması təklif olunmuşdu. Məlumat üçün bildirmək istəyirəm ki, işçi qrupu deyilənə xüsusi etiraz eləməsə də, amma qanunvericilik təşəbbüsünün subyekti ilə bu məsələ razılaşdırılmayıb.
9.4.3-cü maddədə, yenə deyirəm, “şəxslər” sözündən sonra “kişilər” sözünün əvəzlənməsi təklif olunmuşdu. Bu, artıq nəzərə alınıb, çünki Tahir müəllimin dediyi təklif bütövlükdə bu məsələnin həllinə yönəlmişdi.
Nəhayət, 11.1.3-cü maddənin çıxarılması təklif olunmuşdu. Bu məsələni, eyni zamanda, İlyas İsmayılov da təklif eləmişdi. Hər iki təklif qismən nəzərə alınıbdır. 12.2-ci maddədə təkrar olunduğuna görə, millət vəkilləri təklif eləmişdilər ki, 11.1.3-cü maddə çıxarılmalıdır. Doğrudan da, burada təkrarçılığa yol verilmişdi. Ona görə də millət vəkillərinin təklifi ilə 11.1.3-cü maddə qanun layihəsindən çıxarılır.
Millət vəkili Ülvi Quliyev də bir çox təkliflər vermiş, müəyyən iradlar bildirmişdi. O, 9.3-cü maddədə təkrarçılığa yol verildiyini, 10.2.6-cı maddədə eyni məsələnin sadalandığını bildirmişdi. Söhbət yenə tibbi müayinədən gedir, onu nəzərə almışıq.
Hörmətli millət vəkilləri, 9.4.5-ci maddədə qadağalar məsələsidir. Belə bir fikir səslənmişdi ki, qanun layihəsində qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslərə də qadağa qoyulurdu. Birinci variantda söhbət mülki silahın istifadəsindən gedirdi. Ona görə də burada kifayət qədər ciddi qadağalar mövcud idi. Bir daha qeyd edirəm, mülki silahdan istifadə qadağandır. Əslində, bu, sahibkarlıq fəaliyyətinin növüdür. Hətta belə deyək, dövlət qulluğunda da bu qədər ciddi məhdudiyyətin qoyulmasına əsas yox idi.
Ülvi müəllimin bu təklifi işçi qrupunda müzakirə olundu və qərara alındı ki, buraya “ağır və ya xüsusi ilə ağır” sözləri əlavə edilsin. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu, sizə paylanmış variantda öz əksini tapmayıb. Bir gün öncə bu məsələni Prezident Aparatı ilə razılaşdırmışıq. Ona görə, xahiş edirəm, stenoqramda nəzərə alınsın ki, 9.4.5-ci maddəyə “ağır və ya xüsusi ilə ağır” sözləri əlavə olunur.
Ülvi müəllim 10.1 və 13.5-ci maddələrin bir-birini təkrarlaması ilə bağlı təklifini bildirmişdi. Əgər bir qədər diqqətlə baxsaq, görərik ki, bu maddələrin birində mühafizəçinin, digərində isə mühafizə bölməsi rəisinin vəzifələrindən söhbət gedir. Hesab edirəm ki, burada təkrarlama yoxdur. Millət vəkilləri tamamilə düzgün olaraq 12-ci maddədə özəl mühafizə şirkətində fəaliyyət göstərən şəxslərin xüsusi geyim forması ilə bağlı bir məsələni qaldırdılar. Birinci, müəyyən problemlər yarana bilər, bu geyimlərdən sui-istifadə edənlər olar. Ona görə qanun layihəsində xüsusi bir maddə nəzərdə tutmuşuq.
Mühafizə xidmətlərinin geyim formaları güc strukturlarının, dövlət orqanlarının geyim formalarından açıq-aydın şəkildə seçilməlidir. Bu, konkret bir müddəadır. Hesab edirik ki, burada “xüsusi” sözünə də ehtiyac yoxdur. Ona görə ki, bu, sahibkarlıq fəaliyyətidir və mühafizə strukturları hər hansı bir geyim formasına malik olmalıdır. Ümumiyyətlə, “xüsusi” sözü daha çox dövlət orqanlarına aid olan bir məsələdir. Düzgün təklifdir və o anlayış çıxarılmış, sadəcə, “mühafizəçilərin geyim forması” qalmışdır. Eyni zamanda, Ülvi müəllim 13.3.4-cü maddədə “həkimə qədər tibbi yardım” ifadəsinin “ilkin tibbi yardım”la əvəz olunmasını təklif etmişdi. Bu da tamamilə düzgün bir təklifdir və maddədə nəzərə alınmışdır.
İlyas müəllimin dediyi bir sıra məsələlər, o cümlədən 11.1.3-cü maddənin qismən dəyişdirilməsi də nəzərə alınmışdır. Bununla yanaşı, İlyas müəllim 13.3.1-ci maddəyə dair də belə bir təklif irəli sürmüşdür ki, “törədənin şəxsiyyətindən asılı olaraq” sözləri “törətdiyi əməlin xarakterindən asılı olaraq”la əvəz olunmalıdır. Bu, işçi qrupunda da müzakirə edilib və qanunvericilik təşəbbüsünün subyekti ilə də razılaşdırılıbdır. Onun 11.1.5, 11.1.10 və bir neçə digər maddələrin çıxarılması ilə bağlı təklifləri qanunvericilik təşəbbüsünün subyekti tərəfindən razılıqla qəbul olunmamışdır.
Nizami Xudiyev 9.1-ci maddədə “21 yaş” sözünün “20 yaş”la əvəz olunmasını təklif etmişdi. Əsaslandırma
da ondan ibarət idi ki, həqiqi hərbi xidmət 20 yaşında bitirsə, bundan sonra nə ehtiyac var ki, həmin şəxs üçün işə daxil olmaqdan ötrü bir il də məhdudiyyət qoyulsun. Çox düzgün məsələdir. Yenə deyirəm, bu, sahibkarlıq fəaliyyətidir. Əgər hərbi xidmətdə olmuşsa, ondan sonra yetişdiyi yaşdan da belə bir xidmət növündə fəaliyyət göstərmək olar. Ona görə maddədə “21 yaş” sözü “20 yaş”la əvəz olunmuşdur. Amma 5-ci maddə ilə bağlı olan təkliflər qanunvericilik təşəbbüsünün subyekti tərəfindən nəzərə alınmalıdır.
Hörmətli millət vəkilləri, işçi qrupu bir sıra digər təklifləri də nəzərə almışdır. Bunlar 9-cu, 13-cü və 14-cü maddələrə edilən redaktə xarakterli düzəlişlərdir. 11.1.9-cu maddədə “fiziki şəxslərin şəxsi və ailə həyatının sirri olan məlumatları qanunsuz toplamaq” ilə bağlı İlyas müəllimin təklifləri var idi. Biz də hesab elədik ki, həmin maddə, ümumiyyətlə, çıxarılmalıdır, çünki buna ehtiyac yoxdur. Faktiki olaraq müvafiq qanunvericilikdə şəxsi və ailə həyatının sirri olan məlumatları qanunsuz toplamağa görə cinayət məsuliyyəti var. Bu, cinayət tərkibi yaradan bir əməldirsə, onu bir daha burada göstərməyə ehtiyac yoxdur. Bu qədər.
Hörmətli millət vəkilləri! Gördüyünüz kimi, verdiyiniz təkliflər, iradlar işçi qrupu tərəfindən ciddi müzakirə olunmuş, onların böyük əksəriyyəti qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılmışdır. Bir daha vurğulamaq istəyirəm ki, belə bir qanunun qəbul olunması vacibdir. Xüsusi bir sahibkarlıq fəaliyyəti olsa da, buna dövlət nəzarət mexanizmlərinin yaradılması zəruridir. Qanun layihəsini üçüncü oxunuşda qəbul etməklə biz artıq belə bir nəzarət mexanizmini yaratmış oluruq. Ona görə sizdən bu qanun layihəsinə üçüncü oxunuşda səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim, əyləşin. Müzakirəyə ehtiyac yoxdur ki? Yoxdur. Xahiş edirəm, qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmasına münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında əsasnamənin layihəsi barədə. Bu məsələ üç komissiyada müzakirə olunmuşdur. Birinci İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova məruzə edəcək. Buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında Əsasnamə barədə qanun layihəsi, bildiyiniz kimi, artıq iki oxunuşdan keçmişdir. Əsasnamə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydasını müəyyən edir. Əsasnamənin qəbul edilməsinin əsas məqsədi vətəndaşlarımızın xarici ölkədə pasportunun itirildiyi, oğurlandığı və ya yararsız hala düşdüyü, etibarlılıq müddətinin bitdiyi halda onların vətənə dönmələri üçün maksimum yardım göstərməkdən ibarətdir. Vətəndaşlarımızla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Qanunun əvvəlki variantında və ikinci oxunuşda müzakirə olunan layihədə iki növ pasport nəzərdə tutulurdu. Bu Əsasnamədə “pasport” dedikdə, Azərbaycan Respublikasının ümumvətəndaş, xidməti, diplomatik və dənizçi pasportu nəzərdə tutulur. Bu gün Azərbaycan Respublikasında vətəndaşlığı olmayan 20 minə qədər şəxs yaşayır. Onlar da qanunvericilik əsasında Azərbaycan Respublikasının hüdudlarından kənara getmək və burada daimi yaşamaq üçün şəxsiyyət vəsiqələri alırlar. Sözsüz ki, adları çəkilən pasportların siyahısına onlara verilən şəxsiyyət vəsiqəsi də əlavə olunur. Əsasnamənin 2-ci maddəsində həmin məqam öz əksini tapmışdır.
Əsasnamədə şəhadətnamənin verilməsi haqqında ərizə-anketə əlavə edilən sənədlərin də siyahısı dəqiqləşdirilib. 7.3-cü maddədə qeyd olunur ki, üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri − Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti və Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi belə sənədlərdən sayılır. Hörmətli millət vəkilləri bu məsələ ilə əlaqədar öz tövsiyələrini bildirmiş və bununla əlaqədar həmin maddəyə əlavələr edilmişdir. Burada 7-ci maddənin beşinci bəndi yeni əlavədir: “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd”.
Layihənin 10-cu maddəsində də əhəmiyyətli dəyişikliklər edilib. Burada yazılır ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə, istisna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Bu sorğu yoxlanıldıqdan sonra həmin sənədlər əsasında şəxsiyyətin geri dönməsi üçün sənəd verilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər də bura daxil edilmişdir. Çünki onların da Azərbaycanın hüdudlarından kənara getmələri və yenidən Azərbaycana dönmələri üçün belə bir şəhadətnamələrinin olması vacibdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sorğunun icrası ilə bağlı qısa müddətdə − 3 iş günü ərzində müvafiq yoxlamalar aparır və nəticələr barədə diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir. 11-ci maddədə müvafiq 7 gün müddəti 3 günlə əvəz edilib.
15-ci maddədə həmin şəxsin artıq vətənə döndükdən sonra şəhadətnaməni ona pasport verən dövlət orqanına təhvil verməsi məsələsi qoyulubdur. Yəni bu, müvəqqəti xarakterli bir sənəd olduğuna görə geri qaytarılmalıdır. Burada da 10 gün 20 günlə əvəz edilmişdir. Ümumiyyətlə, sənədin qəbul olunması Azərbaycan vətəndaşlarının və ya Azərbaycanda yaşayan xarici vətəndaşların hüquqlarının müdafiəsi, onların Azərbaycana dönməsi üçün maksimum imkanlar yaradılması baxımından çox vacibdir.
Bir cəhəti də qeyd edim ki, üçüncü oxunuşa qədər hörmətli millət vəkillərinin bütün tövsiyələri, iradları burada öz əksini tapmış, onlardan istifadə olunmuşdur. Bu gün Azərbaycan vətəndaşı üçün vacib olan mükəmməl bir sənəd ortadadır. Mən hörmətli millət vəkillərini əsasnamə layihəsinin (üçüncü oxunuşda) qəbul olunmasına səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Gündəliyin növbəti məsələsi – “Regional əməkdaşlıq üzrə ümumi baxış haqqında” Tbilisi Bəyannaməsinin təsdiq edilməsi barədə. Valeh müəllim, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizin müzakirənizə, mən inanıram ki, bundan sonra təsdiqinizə, 2007-ci il fevral ayının 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının, Gürcüstanın prezidentləri və Türkiyə Respublikasının Baş naziri tərəfindən imzalanmış “Regional əməkdaşlıq üzrə ümumi baxış haqqında” Tbilisi Bəyannaməsi təqdim edilibdir. Bu sənədi ilk baxışdan həcminə, yazılış tərzinə görə dövlət və hökumət rəhbərlərinin yüksək səviyyədə keçən görüşünü əks etdirən bir protokol sənədi kimi qəbul etmək olar. Ancaq sənədi dərindən oxuyanda görürük ki, tarixi əhəmiyyəti vardır.
Mən bunu vaxtı ilə belə sənədlərin hazırlanmasında iştirak eləyən bir insan kimi səmimi qəlbdən deyirəm.
Mən Ankara Bəyannaməsini, Bakı-Tbilisi-Ceyhan haqqında İstanbul Bəyannaməsini, Trabzon Bəyannaməsini yadıma salıram. Bu bəyannamələrə regional əməkdaşlıqda, Azərbaycanın beynəlxalq səviyyədə rolunun artmasında, yeni beynəlxalq səviyyədə işlənilən layihələrin icrasında əhəmiyyətli rolu olan bir sənəd əlavə olunur. Bu sənədin, mənim fikrimcə, tarixi əhəmiyyəti daha böyükdür. Çünki bu sənəd bizi həm də keçmişə qaytarır. Keçmişdə əməkdaşlıq etdiyimiz qonşularımızla – Türkiyə və Gürcüstanla bərabər nail olduğumuz uğurları əks etdirir. Ancaq burada daha önəmli hissə gələcəyə nəzərdir. Çünki bu sənəd regional əməkdaşlığın yeni, çox vacib, daha önəmli səhifəsini açır. Ona görə də bu sənəd əhəmiyyətinə görə çox vacibdir və regional əməkdaşlıq üçün yeni mərhələlərin açılmasında mühüm məqamlara toxunur. Burada Avropa ilə əməkdaşlıq məsələlərinin yolları qeyd edilir.
Tərəflərin niyyətləri aydındır. Əvvəllər nəqliyyat, enerji dəhlizi kimi tanıdığımız bu yol həm də siyasi-iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaqdır. Sənədin çox vacib bir hissəsi ondan ibarətdir ki, burada yaranan əməkdaşlığın heç kimə qarşı yönəlməməsi qeyd olunur. Əksinə, bu sənədin “Mehriban qonşuluq, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına riayət olunmasına əsaslanan bütün qonşularla sıx əməkdaşlıq etməklə ümumi niyyətimizi və hazırlığımızı təsdiq edərək” cümləsinə, yəqin ki, fikir vermisiniz. Bu, üç dövlət, hökumət başçılarının birgə niyyətini əks etdirən bir cümlədir. Burada üç ölkə arasında əməkdaşlığın daha yüksək səviyyədə olduğunu təsdiq edən məqamlar vardır.
Başqa bir cümləni xatırladıram: “Bizim əməkdaşlıq və səylərimiz vasitəsi ilə qarşıya çıxan problemlərin həllində bir-birimizə yardım etmək qabiliyyətimiz və əminliyimizi artıq nümayiş etdirdiyimizi dərk edərək”. Yəni bu son 10-15 ildə tərəflərin bir-birinə yardım etmək qabiliyyəti və buna əminliyi həmişə olubdur. Çox vacib cümlədir. Milli Məclisin deputatları sənədin tarixi əhəmiyyətini nəzərə alıb ona, əlbəttə, səs verəcəklər və biz bunu yekdilliklə qəbul edəcəyik. Ancaq mənim üçün çox önəmli bir məqamı da qeyd edim ki, üç ölkənin regional əməkdaşlığı, əslində, qonşu ölkələr, millətlər üçün yeni qlobal imkanlar açır. O cümlədən burada qeyd olunan Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi, ola bilsin ki, nə Bakı–Tbilisi–Ceyhandan, nə də Bakı–Tbilisi–Ərzurumdan həm siyasi, həm iqtisadi, həm də başqa cəhətlərdən geri qalmayan, regionlar üçün yeni qlobal imkanlar açan, beynəlxalq əməkdaşlıq müstəvisində onların rolunu yüksəldən bir tarixi hadisə olacaqdır. Şəxsən mənim üçün çox sevindirici haldır ki, kiçik bir neçə cümlədə vaxtı ilə bəyannamələr ilə başlayan beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətləri göstərilir.
O cümlədən burada dəqiq göstərilmiş elektrik təchizat sahəsində əməkdaşlıq məsələsinə də yer ayrılmışdır. Bu, həm siyasi, həm də iqtisadi cəhətdən çox önəmli məsələdir. Mən inanıram ki, belə bir anlaşıqlı əməkdaşlıq nəticəsində yaxın gələcəkdə elektrik xətlərimiz, şəbəkələrimiz də birləşəcək və regionda həm inkişafa, həm də mehriban qonşuluğa yeni təkan verəcəkdir.
Bununla mən sözlərimi bitirmək istəyirəm. Sənədə səs verib qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. O biri komissiyaların sədrləri çıxış etmək istəmirlər ki? Onda, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Hörmətli millət vəkilləri, növbəti məsələ “Bakı – Tbilisi – Qars yeni dəmir yolu xətti haqqında” Sazişin təsdiq edilməsi barədədir. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov. Bu sənədlə tanış olmusunuz, layihənin əhəmiyyətini, dəyərini bilirsiniz. Mən bu barədə bir neçə kəlmə söz demək istərdim. 10-12 il bundan qabaq hansısa böyük bir ölkənin, dövlətin hökuməti, parlamenti belə bir layihənin əleyhinə çıxış etsəydi, o dəqiqə canımıza vəlvələ düşərdi, bilməzdik ki, bu vəziyyətdən necə çıxaq. Bu gün mən fəxrlə bu sözü deyirəm ki, baxmayaraq, kim isə əleyhinə çıxsın, ancaq Azərbaycan müstəqil dövlət, hökumət olaraq istədiyi layihəni həyata keçirə bilir. Onun buna həm siyasi, həm də maliyyə qüdrəti var. Mən də bundan böyük bir sevinc, fəxr duyuram və belə bir əhvali-ruhiyyə ilə Sazişi sizə təqdim edirəm.
Saziş üç tərəfin həm öhdəliklərini, həm maraqlarını, həm də əməkdaşlıq etmək niyyətlərini əks etdirən bir sənəddir. Burada çox önəmli bir məqam ondan ibarətdir ki, bu, beynəlxalq saziş olduğundan Milli Məclisdə təsdiq olunmalıdır. Əgər diqqət yetiribsinizsə, burada mübahisələr olan hallarda heç bir məhkəmədən söz getmir. Çünki üç ölkə arasında yaranmış münasibətlər son 10-12 ildə həyata keçirilmiş, dəyərləri milyard-milyard manatlarla ölçülən layihələrin təcrübəsi göstərir ki, bu üç ölkə arasında heç vaxt, heç bir halda hər hansı bir mübahisə məhkəmə səviyyəsinə çıxmamışdır. Bu da çox diqqətəçarpan bir cəhətdir.
Sazişdə bəzi məqamları sizin nəzərinizə çatdırmaq istəyirəm. Səlahiyyətli orqanlar, onu bilirsiniz, yaradılır. Biz tərəfdən İqtisadi İnkişaf Nazirliyinin, Gürcüstan və Türkiyə tərəfindən Nəqliyyat Nazirliyinin bu sahədə işləmə mexanizmi qeyd olunur. Bu sazişə əsasən Tərəflərə onların milli mənafelərinə, xarici və daxili təhlükəsizliyinə zidd olmadığı təqdirdə öz dövlətlərinin ərazisindən sərnişin və yüklərin beynəlxalq tranzit daşınması hüququ verilir. Yəqin ki, siz də diqqət yetiribsiniz, mən qısaca olaraq bir də xatırlatmaq istəyirəm ki, burada çox önəmli məqamlar nəzərə alınıbdır. Sənəddə vergilər gömrük rüsumları, işlərin əlaqələndirilməsi ilə əlaqədar bütün münasibətlər öz əksini tapıbdır. Qeyd olunan məsələlərin həll edilməsi üçün əlaqələndirici şura da yaradılıbdır. Əgər hər hansı bir dövlət bu Sazişə qatılmaq istəsə, bu zaman üç tərəfin hamısının razılığı olmalıdır. Saziş, bildiyiniz kimi, ingilis və Azərbaycan dili mətnlərində imzalanıbdır. Hər hansı müzakirə, mübahisə yarananda istifadə olunan əsas mətn ingilis dilində olmalıdır. Azərbaycan dilində sizə təqdim olunmuş mətndə tərcümə zamanı bəzi qüsurlara yol verilibdir. Yəni demək istəyirəm ki, ingilis dilində olan əsasdır. Təklif edirəm, Sazişin lehinə səs verək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Valeh müəllim çox gözəl izah elədi və dedi ki, Saziş Azərbaycan üçün çox önəmlidir. Dünyada bir ölkədən başqa heç bir ölkə bu layihənin əleyhinə çıxmaz. Söhbət yalnız Ermənistandan gedə bilər. Mən bununla bağlı bir arayış vermək istəyirəm. Mart ayının 15-də Yunanıstanın paytaxtında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat və ekologiya məsələləri komitəsində Ermənistan nümayəndəsi belə bir təkliflə çıxış elədi ki, Tbilisidə imzalanmış layihə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bəzi qərarlarına ziddir. O, təklif elədi ki, bu məsələ gündəliyə salınsın və müzakirə olunsun. Təbii ki, Azərbaycan nümayəndəliyi onlara lazımi izahatla cavab verdi. Məlumat vermək istəyirəm ki, təşkilata daxil olan 12 ölkədən heç biri Ermənistanı dəstəkləmədi və bu məsələ nəinki müzakirə olunmadı, heç gündəliyə də salınmadı.
İndi Ermənistan növbəti bir addım atmaq istəyir və təklif edir ki, bu məsələ Assambleyanın digər komitə iclasında müzakirə olunsun. Mən sizi əmin edirəm ki, ermənilər orada da heç nəyə nail olmayacaqlar. Orada da onlara lazımi cavab veriləcəkdir. Ümumiyyətlə, həmin təklif gündəliyə salınmayacaqdır. Mən hesab edirəm ki, biz bu sazişi nə qədər tez təsdiq etsək və layihə nə qədər tez həyata keçsə, o qədər də yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, biz bu gün çox tarixi bir sazişi təsdiq elədik. Gələcəkdə hər birimiz bu sazişin təsdiqində iştirak etdiyimiz üçün mütləq iftixar hissi keçirəcəyik. Çox sağ olun.
Gündəliyin növbəti məsələsi. “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında” Sazişə “Terrorçuluğa qarşı mübarizə haqqında” Əlavə Protokolun təsdiq edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. “Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında” Saziş var. Bu saziş 1998-ci ildə imzalanıb. Amma müasir dövrdə terrorçuluğa qarşı mübarizə aktual mövzudur. Buna görə də bu təşkilatın üzvləri “Terrorçuluğa qarşı mübarizə haqqında” Əlavə Protokol imzalayıblar. Cənab Prezident tərəfindən bu protokol təsdiq olunmaq üçün parlamentə təqdim edilibdir. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı özlərinin terrorçuluğun bütün forma və təzahürləri ilə bağlı niyyət və məramlarını bu protokolla bəyan etmiş olur. Mən bu barədə geniş danışmaq istəmirəm.
Siz layihə ilə tanış olmusunuz. Bizim də bu təşkilatın üzvü olaraq Əlavə Protokola qoşulmağımız zəruridir. Amma bir məsələ üzərində dayanmaq istəyirəm. Azərbaycan tərəfi bu Protokola qeyd-şərtlə qoşulur. Bilirsiniz ki, biz Ermənistanın da təmsil olunduğu təşkilatların bir çox konvensiyalarına, sazişlərinə bəyanatlarımızı və qeyd-şərtlərimizi bildiririk. Bəyanatlarda hər hansı bir fikrimizi çatdırır, hər hansı bir normanı tətbiq etmək mümkün olmursa, bu barədə qeyd-şərtimizi bildiririk. Azərbaycan Protokola buradakı qeyd-şərti bəyanat formasında edibdir. Beynəlxalq hüquqda bu hallar mövcud olur, yəni bəzən qeyd-şərtə bəyanatlar verilir. Bu da həmin hallardan biridir.
Azərbaycan Respublikası bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər işğaldan azad edilməyənə qədər Protokolun müddəalarının o yerlərdə tətbiqi təmin edilməyəcəkdir. Digər sazişlərdə də biz məhz bu formadan istifadə edirik.
Sənədin, birinci, çox mühüm siyasi əhəmiyyəti var. Burada təşkilatın sənədlərə imza edən tərəfləri üçün bir daha vurğulanır ki, Ermənistan işğalçı respublikadır. Onun bu siyasəti nəticəsində də bu Protokolun müddəaları işğal edilmiş ərazilərdə tətbiq olunmur. Bunun həm hüquqi, həm də siyasi tərəfi var.
İkinci, Azərbaycan bəyan edir ki, Protokolda öz əksini tapmış hüquqlara, vəzifələrə dair müddəaların heç biri Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq olunmayacaq. Bu da təbiidir. Çünki Azərbaycanla Ermənistan arasında heç bir əməkdaşlıq yoxdur. Ermənistan işğalçı, həm də terror aktlarını dəstəkləyən bir respublikadır. Ona görə də tamamilə düzgün olaraq Azərbaycan tərəfindən belə bir bəyanat verilir ki, bu müddəalar, yəni Protokolda əməkdaşlıq, informasiya vermək və sair kimi göstərilmiş müddəalar Ermənistana münasibətdə tətbiq olunmayacaq. Ona görə də, cənab Sədr, hesab edirəm ki, bu Protokolu məhz adı çəkilən qeyd-şərtlərlə birlikdə təsdiq etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə ehtiyac yoxdur ki? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Müzakirənizə təqdim olunmuş sənəddə iki dövlət – Fransa və Azərbaycan arasında əlaqələri şərtləndirən dostluq və əməkdaşlıq münasibətləri nəzərə alınmışdır. Tərəflər 1993-cü il 20 dekabr tarixində Paris şəhərində, Azərbaycan və Fransa respublikaları arasında imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Sazişə əsaslanaraq razılığa gəliblər.
Sazişin əsas məqsədi nədən ibarətdir? Hazırkı Saziş təbii fəlakət və ya texnogen qəza zamanı, diplomatik yolla və ya bu Sazişin 4-cü maddəsinin ikinci bəndində adı çəkilən səlahiyyətli orqanlar vasitəsi ilə müraciət edilərkən, könüllü qarşılıqlı yardımı həyata keçirmək şərtlərini müəyyən edir.
Bu yardım xilasedici qrupların göndərilməsindən, avadanlıqlarla təchizatdan və informasiya verilməsindən ibarətdir.
Bu sənəd 16 maddədən ibarətdir. Əməkdaşlığın sahələri 5-ci maddədə müəyyən olunub. Bu sahələr genişdir. Mən bir neçəsini sizin diqqətinizə çatdırmaq istəyirəm:
– təbii və texnogen mənşəli fövqəladə halların xəbərdar edilməsi və qarşısının alınması;
– təbii (zəlzələ, daşqın, tufan, meşə yanğınları və sair) və ya texnogen (sənaye qurğularında və müəssisələrində yanğınlar və partlayışlar, təhlükəli maddələr daşıyan, dəmir yolu, hava, dəniz və quru nəqliyyat vasitələrinin qəzası və sair), mənşəli fövqəladə hal təhlükəsi ilə üzləşən insanların, əmlakın və ətraf mühitin müdafiəsi və onlara dəyən ziyanın aradan qaldırılması;
– Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və digər məsələlər daxildir.
Bu Saziş 5 il müddətinə imzalanır. Sazişin mətni Azərbaycan və fransız dillərindədir. Saziş hər iki dildə eyni qüvvəyə malikdir. Hesab edirəm ki, Azərbaycanla Fransa arasında sadaladığım halların aradan qaldırılması və bu məsələlərin profilaktikası, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təlim keçməsi, avadanlıqların alınması və sair baxımdan olduqca vacib bir sazişdir. Mən sizi bu Sazişə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə ehtiyac yoxdur ki? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsinin təsdiq edilməsi barədədir. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Adı çəkilən qanun layihəsi komissiyamızda müzakirə olunubdur. Azərbaycanın xarici siyasəti coğrafiyasının genişlənməsi çox vacib və əlamətdar bir hadisədir. Biz bunu komissiyada xüsusi qeyd etdik.
Latın Amerikası və Cənubi Amerika gündən-günə öz əhəmiyyətini artırır. Azərbaycan Respublikasının dünyada çox sürətlə inkişaf edən Braziliya Federativ Respublikası ilə həm siyasi, həm iqtisadi, həm mədəni, həm də başqa əlaqələrin qurulub həyata keçirilməsi sahəsində, təbii ki, belə qarşılıqlı sazişlərin mövcudluğu çox səmərəli və əhəmiyyətli məsələdir. Ona görə ki, Azərbaycanın həm xidməti, həm diplomatik, həm də rəsmi pasportlara malik olan vətəndaşları 90 gün müddətində Braziliyada sərbəst, heç bir problemsiz qala bilərlər. Qarşılıqlı şəkildə Braziliya vətəndaşları da Azərbaycanda eyni müddətdə heç bir problemsiz, vizasız qala bilərlər. Komissiyanın üzvləri yekdilliklə belə sazişin qəbul olunmasına tərəfdar çıxmışlar. Sənədin bu gün burada ratifikasiya olunmasına, xahiş edirəm, səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə. Səməd Seyidov, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Eyni istiqamətdə, eyni əhəmiyyətə malik olan bir Sazişdir. Qanun layihəsi kimi komissiyamızda müzakirə olunub. Fərq yalnız ondan ibarətdir ki, bu Sazişdə Azərbaycan Respublikasının və eyni şəkildə Argentina Respublikasının vətəndaşları 1 ay müddətində olduqları ölkədə vizasız tam sərbəst qala bilərlər. Argentina bu saat ən inkişaf edən ölkələrdən biridir. Komissiyada əvvəlki Saziş kimi bu da tam yekdilliklə müsbət qarşılanıb. Belə bir sazişlərin müxtəlif ölkələrlə bağlanması Azərbaycan iqtisadiyyatına böyük xeyir gətirə bilər və əlaqələrimizi genişləndirər. Xahiş edirəm, bunun lehinə münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, Sazişin qəbul olunmasına münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ. Asiyada Etimad və Qarşılıqlı Fəaliyyət Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Azərbaycan dövləti özünün xarici siyasətində Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirir. Ölkəmiz bu regionu əhatə edən bir çox təşkilatların tam hüquqlu üzvüdür və onların fəaliyyətində fəal iştirak edir. Milli Məclisin təsdiqinə təqdim edilmiş Asiyada Etimad və Qarşılıqlı Fəaliyyət Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsi qeyd olunan sahələrlə bağlı sənədlərdən biridir. Sənəddə katibliyin fəaliyyətini əhatə edən ümumi müddəalar, katibliyin funksiyaları, onun heyəti ilə bağlı məsələləri, maliyyə qaydalarını, imtiyazları və sairi əks etdirən maddələr verilmişdir. Nizamnaməyə katibliyin maliyyə prosedurlarını əhatə edən əlavəsi maliyyə fəaliyyəti ilə bağlı bütün məsələləri özündə əks etdirir. Asiyada Etimad və Qarşılıqlı Fəaliyyət Tədbirlərinə dair Konfrans regionun Əfqanıstan, Çin, Hindistan, İsrail, İran, Qazaxıstan, Koreya, Rusiya, Türkiyə, Özbəkistan və başqa ölkələrini əhatə edir. Beynəlxalq təşkilatın fəaliyyət prinsiplərini tənzimləyən bu Nizamnamənin əlavəsi ilə birlikdə təsdiq olunmasına səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edild
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “2007-2009-cu illər üzrə humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqındadır. Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sözü gedən sənəd Bakı şəhərində 2006-cı ildə imzalanmışdır və bu, 2007-2009-cu illər üzrə humanitar sahədə geniş və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Həmin sənədin təsdiq olunması haqqında qanun layihəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş və 2007-ci il aprelin 2-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasında geniş müzakirə edilərək təsdiq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
Əməkdaşlıq Proqramı humanitar sahənin bütün istiqamətlərini əhatə edir. O cümlədən elm və təhsil sahəsində konkret əməkdaşlığın inkişaf etdirilməsi üzrə tədbirlər sistemini özündə əks etdirir. Xüsusi ilə Rusiyada Azərbaycan dilində və Azərbaycanda rus dilində vətəndaşların təhsil alması imkanlarının artırılması haqqında işlərin davam etdirilməsi nəzərdə tutulur. Buraya Azərbaycan məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri üçün Rusiyanın ali təhsil ocaqlarının bazasında, pedaqoji istiqamət üzrə təhsil verən müəssisələrində müəllimlərin illik staj təcrübəsi və təkmilləşdirmə kurslarının təşkili nəzərdə tutulur.
Eləcə də Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası üçün daha çox maraq kəsb edən istiqamətlər üzrə Rusiyanın ali məktəblərində təhsil almalarının davam etdirilməsi və onun daha da genişləndirilməsi böyük fayda verəcəkdir. Azərbaycandakı rusdilli və Rusiyadakı Azərbaycan bazar günü məktəblərinin zəruri tədris materialları, dərsliklər və digər metodiki vasitələrlə təchiz olunması işinə daha diqqətlə yanaşmaq, dil və ədəbiyyat üzrə birgə seminarlar, treninqlər, olimpiadalar təşkil etmək barədə əməkdaşlıq Proqramında konkret müddəalar vardır.
Sənəddə, həmçinin elm sahəsində Rusiya ilə Azərbaycan arasında həmin dövr üçün əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə dair konkret vəzifələr müəyyənləşdirilmişdir. Birinci növbədə, elmi tədqiqat işlərinin koordinasiya olunması, elmi tədqiqat araşdırmalarının tematikasının uyğunlaşdırılması, razılaşdırılması məsələsi burada öz əksini tapır. Artıq fəaliyyət göstərən tarixçilərin ikitərəfli komissiyası işinin fəallaşdırılması, tarix, ədəbiyyat, rus və Azərbaycan dillərində olan orta və ali məktəblər üçün dərsliklərin yazılması üzrə fikir mübadiləsinin aparılması, lazım olduğu təqdirdə komissiyanın yaradılması istiqamətində, tarix elminin aktual problemləri üzrə birgə elmi konfransların, simpoziumların keçirilməsi təşkil ediləcəkdir.
Xüsusi maraq doğuran bir məsələ – “Avropa və Asiya xalqlarının eposu”nun Azərbaycan cildləri seriyasının hazırlanması üçün birgə iş aparılacaq, Azərbaycan və Rusiya məcmuələrindəki ərəb, fars və türk əlyazmalarının tədqiqi üzrə mütəxəssislərin mübadiləsi olacaqdır. Aspirant və doktorantların təhsil almaları, staj təcrübəsi üzrə lazımi fəaliyyətin göstərilməsi, bir sözlə, burada elmi kadrların hazırlanması sahəsində konkret işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Göründüyü kimi, bu Proqramda, hörmətli millət vəkilləri, bu dövrdə, yəni 2007-2009-cu illər ərzində elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın konkret inkişaf etdirilməsi üçün tədbirlər sistemi öz əksini tapmışdır. Mən hesab edirəm ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi hər iki tərəf üçün sərfəli və vacibdir. Bu məsələlər Azərbaycanın elm və təhsilinin inkişaf etdirilməsi üçün çox ciddi əhəmiyyət kəsb edir. Buna görə də xahiş edirəm ki, həmin sənəd təsdiq olunsun. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə yazılanlar var. Mən sözü Nəsib Nəsibliyə verirəm.
N. Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Sənədin komissiyamızda müzakirəsi zamanı mənim bir neçə sualım çıxmışdı. Bu suallar üç istiqamətdə idi. Birinci, ənənəvi olaraq, bu cür beynəlxalq sənədlər çox pinti şəkildə tərtib olunur. Bunlar da həmin tipdən olan sənədlər qrupuna aiddir. Sənədin əsli ruscadır.
Tərcümə çox bərbaddır. Adam təəccüblənir ki, sənədə imza atan şəxs, heç olmasa, bir dəfə bunu oxumayıbmı? Xahiş edirəm, ayrı-ayrı bəndlər üzrə verilən ifadələrə diqqət yetirəsiniz. Məsələn, “1.2. Moskvada Bakı Evi, Bakıda Moskva Evi açılması”. 1.3. “Bakıda Moskva şəhəri Günləri və Moskvada Bakı şəhəri Günləri.” Burada, hətta məna baxımından da çox böyük səhvlər var. Məsələn, 4.8-ci bəndi Şəmsəddin müəllim də dedi, ancaq mən fikirləşirəm, anlaya bilmirəm ki, bunun mənası nədir: “Azərbaycan və Rusiya məcmuələrindəki ərəb-fars və türk əlyazmalarının arxeoloji tədqiqi üzrə mütəxəssislərin mübadiləsi”. Bu cümlə heç nəyi ifadə eləmir. “Əlyazmanın arxeoloji tədqiqi” mümkün deyil, bu, başqa sözdür.
Sənədi imzalayanda, qəbul eləyəndə tərcüməyə baxmaq lazımdır. İkinci, ən böyük məsələ bunun forması ilə deyil, məğzi ilə bağlıdır. Hansı dövlətlə, hansı strateji müttəfiqlə qanun qüvvəsi alan Proqramımız var? Mən bununla bağlı Xarici İşlər Nazirliyindəki tanışlarımdan da soruşdum və məlumatımı dəqiqləşdirmək istədim. Bir sıra, o cümlədən strateji müttəfiq hesab elədiyimiz dövlətlərin səfirlikləri ilə də dəqiqləşdirdim ki, heç birində bu tipli sənəd qanun qüvvəsi almayıb. Yəni onlarla Protokol var, Saziş var. Amma, deyək ki, Türkiyə və Azərbaycan dövlətləri arasında, – biz haqlı olaraq onları strateji müttəfiqlər hesab edirik, – bu tipli sənəd yoxdur.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında humanitar sahədə əməkdaşlığı ehtiva eləyən çoxlu sənədlər, bazis qanunları var. Niyə məhz bu Proqram qanun qüvvəsi almalıdır? Bu o dövlətdir ki, Qarabağ probleminin əsas müəllifidir. Bu o dövlətdir ki, yenə də Azərbaycanı özünün arxa bağçası hesab edir. Bu gün yenə də bizə “ikinci növ” millət kimi baxır. Biz heç bir ölkənin tərkibində olmamışıq. Bu, çox yayğın bir ifadədir. Biz 180 il imperiyanın müstəmləkəsi olmuşuq. Sadəcə, çar Rusiyası dövründə müstəmləkəçiliyin fransız modeli, yəni birbaşa idarəçilikdən istifadə olunurdu. Amma sovet dövründə bu, ingilis modeli ilə əvəz olundu. Rusiya ilə bu tipli sənədin imzalanmasının əhəmiyyəti nədir? Heç olmasa, bunu izah eləyəydilər. Bir sual da var. Analoji sənəd Rusiya Dövlət Dumasının müzakirəsinə verilibmi və onların belə bir fikirləri varmı?
Üçüncü bir məsələ. Burada bir sıra əməkdaşlıq məsələləri göstərilir və onlarla bağlı suallar, hətta etirazlar ortaya çıxır. Mən bir neçə misal çəkim. Məsələn, burada, 4.1-ci bənddə deyilir ki, elmi əməkdaşlığın istiqamətlərinin və tematikasının razılaşdırılması. Niyə Rusiya Federasiyası ilə elmi əməkdaşlığın tematikası razılaşdırılmalıdır? Sonra, “Tarixçilərin ikitərəfli komissiyasının işinin aktivləşdirilməsi”. Heç bir müstəmləkə dövləti, imperiyanın varisi “biz sizə mədəniyyət gətirdik”dən savayı bir söz demir. Bu, İngiltərədə, digər ölkələrdə də belədir. Onlar nə deyəcəklər?
4.5-ci bəndi heç anlamaq olmur: “XVII-XIX əsrlərdə Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsi mərhələləri və formaları. Müasir baxış mövzusunda birgə iş”. Baxın, Azərbaycan müstəqil oldu. Biz yenə də düşünməliyik ki, Azərbaycan könüllü daxil olmadı, onun xanları müraciət elədi və Azərbaycan, sadəcə, işğal olundu. Bu işğal XIX əsrin başlanğıcında və bir də 1920-ci ildə baş verdi. Bu, işğal aktıdır və rəsmi sənədlərdə də o cür göstərilir.
Burada kitabxanalar arasında əməkdaşlıq məsələlərinə də toxunulur. Mən sual eləmək istəyirəm. Rusiyada normal kitabxana varmı? Bir vaxtlar orada Lenin adına kitabxana var idi və mən də onu çox yaxşı tanıyıram, üç ilim orada keçib. Bunu Amerikanın, İngiltərənin, başqa ölkələrin kitabxanaları ilə müqayisə etmək olarmı? Bu Proqram həmçinin digər sahələrdə, hətta yeni texnologiyalar sahəsində belə əməkdaşlığı nəzərdə tutur. Azərbaycan bu sahədə Rusiyadan, mən düşünmürəm ki, elə böyük şeylər öyrənə bilər. İnnovasiya məsələlərində Rusiya özü hələ şagirddir, dünyanın sivilizasiya mərkəzlərindən öyrənir və çoxlu tələbələr göndərir. Biz nəyə görə yeni texnologiyaları Rusiya vasitəsi ilə almalı, innovasiya məsələlərimizi bu yolla həll eləməliyik?
Yekun olaraq çatdırılır ki, komissiya iclasında sənədin əhəmiyyəti rus mədəniyyət nümayəndələri ilə əsaslandırıldı. Məncə, bu, yanlışdır. Çünki Rusiyanın, xüsusən XIX əsrin mədəniyyət xadimləri sırasında Tolstoy, Dostoyevski və digərlərinin adları çəkilir. Onun rus dövlətçiliyinə dəxli yoxdur. Belə bir fikir yürüdüldü ki, Mirzə Fətəli Axundov da rus mədəniyyətinin bir yetirməsidir. Məncə, rus müstəmləkəçiliyi, Azərbaycan müstəmləkə vəziyyətində olmasaydı, onlarca Axundzadələr yetişərdi.
Burada təhsil sahəsində də əməkdaşlığa ehtiva eləyən bir neçə bənd var. Azərbaycan təhsil sistemi o qədər bərbad vəziyyətdədir ki, hələ xeyli ölkədən öyrənməlidir. Rusiya təhsil sistemindən nə öyrənəcəyik? Rüşvətmi? Qəbulda korrupsiyanın geniş yayılması faktdır. Yəni Moskva Dövlət Universitetində belə, qəbul korrupsiya ilə müşayiət olunur. Hətta qonşu dövlətlərlə müqayisədə Rusiya bu məsələdə geri qalır. Məsələn, İran təhsil sistemində korrupsiya yoxdur. Öyrənməyə qalırsa, bir misal deyim, Şimali Kipr Türk Cümhuriyyətindən təhsil sahəsində çox şey öyrənmək olar və bu, daha yerinə düşərdi. Çünki onun büdcə gəlirlərinin ikinci maddəsi məhz təhsil sahəsinə yönəlir və heç də Rusiyadakı universitetlərdən geri qalmır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən təəssüf edirəm ki, qarşılıqlı əməkdaşlıq barədə qanunu da siyasiləşdiririk. Fikrinizi düzgün yanaşma saymıram. Eyni şeyi sizə Rusiya da deyə bilər. Bu, əməkdaşlıqdır və ona dair Sazişə qol çəkirik. Siz nəyə görə hesab edirsiniz ki, biz Rusiyadan öyrənməməliyik?
İkincisi, deyirsiniz ki, Rusiyanın müstəmləkəsi, ya da Rusiyanın tərkibində olmuşuq. Eyni qaydada dünyanın bir çox ölkələri İngiltərə, Fransa kimi böyük dövlətlərin müstəmləkəsi olublar və azadlıq qazanıblar. İndi onlar bir-biri ilə münasibət saxlamasınlar? Bu sazişləri, xahiş edirəm, siyasiləşdirməyin. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən bəzi qeydlərimi deməzdən qabaq bütün məsuliyyəti ilə bildirmək istəyirəm ki, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ başlayır.
Biz artıq müstəqil dövlətik, Rusiya bizim şimal qonşumuzdur. Bütün sahələrdə bizim Rusiya ilə əlaqələrimizin məhz indi genişləndirilməsinə çox böyük ehtiyac var. İndi biz əlaqələrimizi təzədən qurmalıyıq. Biz iqtisadi sahədən başlayaraq bütün sahələrdə, o cümlədən humanitar sahədə geniş əlaqələr yaratmalıyıq. Azərbaycanda elmin inkişafına, bütün humanitar sahələrin mərhələlərlə inkişafına bu əməkdaşlıq çox böyük töhfələr verə bilər. Ona görə də belə bir Proqramın imzalanmasına, qəbul edilməsinə mən tərəfdaram və buna səs verəcəyəm.
Elə məsələlər var ki, onlar bu Proqramda, mənə elə gəlir ki, nəzərə alınmalıdır. Doğrudur, bəzi məsələləri hökmən redaktə etməliyik. Konkret qeydlərimi demək istəyirəm, 3.1-ci bəndi oxuyaq: “Azərbaycanda yaşayan rus və digər rusdilli milli azlıqların uşaqlarının və Rusiyada yaşayan Azərbaycan milli azlığının”. Mənə elə gəlir ki, bu ifadə hökmən dəyişməlidir və belə olmalıdır: “Azərbaycanda yaşayan rus milli azlığının və Rusiyada yaşayan Azərbaycan milli azlığının”. “Digər rusdilli milli azlıqlar” ifadəsi çıxarılmalıdır. Bu, Azərbaycanda yeridilən ümumi sivil standartlar siyasəti ilə bağlıdır və bizə heç nə verməyəcək. Buradan sual da doğur ki, Azərbaycan xalqının özünün xeyli faizi uşaqlarını rus dilində oxudur. Bəs onda bu necə qeyd olunmalıdır? Ona görə dediyim şəkildə getməlidir. Çünki bizim öz uşaqlarımız da rus dilində təhsildən istifadə edəcəklər, buna hüquqları olacaq.
Sonra, cümlənin axırında deyilir: “şəraitin yaradılmasına yardımçı olmaq...” Burada 3.1-ci bəndlə 3.3-cü bənd arasında ciddi ziddiyyət var. O ziddiyyət nədən ibarətdir? Yuxarıda deyilir: “Azərbaycanda yaşayan rus və digər rusdilli milli azlıqların uşaqlarının və Rusiyada yaşayan Azərbaycan milli azlığının uşaqlarının öz doğma dillərində təhsil almaları...” Sual olunur, Rusiyada bizim Azərbaycan milli azlığının uşaqları Azərbaycan dilində bütün pillələrdə təhsil alırlarmı? Əlbəttə ki, yox. Bunun bura düşməsi, əlbəttə, yaxşıdır. 3.3-cü bənddə isə bizim mənafeyimiz tapdalanır. Orada yazılır: ”Azərbaycandakı rus dili təhsilli Azərbaycan məktəblərinin və Rusiyadakı Azərbaycan bazar günü məktəblərinin”. Bu, artıq ziddiyyətdir. 3.1-ci bənddə azərbaycanlıların təhsil hüququndan söhbət gedir, amma burada isə real vəziyyətdir ki, orada bazar günü məktəbləri var.
Mənim fikrimcə, burada uzlaşma aparılmalıdır və mütləq həmin ifadə ora bu cür daxil edilməlidir: ”Rusiyadakı Azərbaycan milli azlığının da təhsil hüququ olmalıdır və bütün pillələrdə təhsil almasına şərait yaradılmalıdır”. Burada onlardan ötrü necədirsə, orada da azərbaycanlılar üçün həmin şərait yaradılmalıdır. Yəni burada bərabərlik pozulub, ziddiyyət var. Mən 4.1-ci bənddə “Elmi əməkdaşlığın istiqamətləri və tematikasının razılaşdırılması” ifadəsi əvəzinə “fikir mübadiləsi aparılması” şəklində olmasını düzgün sayıram. Yəni “razılaşdırılması” ifadəsinin başqa cür redaktə olunmasının tərəfdarıyam. Milli Məclisə də məlumat vermək istəyirəm ki, xüsusi ilə tarix sahəsində mən bu məsələlərin içindəyəm. Rusiyanın aparıcı elmi müəssisələrinə, o cümlədən Ümumi Tarix İnstitutuna ermənilər rəhbərlik edirlər. Onlar bu Proqramın bəzi maddələri vasitəsi ilə istəyirlər ki, Azərbaycan məsələlərinə girişib ümumi müzakirələr yolu ilə bizə ziyan yetirsinlər. Düşənbədə konfrans keçiriblər, ondan sonra Ukraynada keçirəcəklər, bu yolla Qafqaz məsələlərində konsepsiya yaratmaq, keçmiş konsepsiyanı davam etdirmək fikrindədirlər. Bu amil nəzərə alınmalıdır. Bura salınmasa da, mahiyyət etibarı ilə bunu bilməliyik.
Tarix, ədəbiyyat, rus və Azərbaycan dilləri üzrə məktəb dərsliklərinin saxlanılması məsələsində də bir incəlik var. Mən bunu da qeyd eləmək istəyirəm. Azərbaycanda rus dilində təhsil verilirsə, rus dilində Azərbaycan tədris proqramı rus dilinə tərcümə olunmalı və onunla öyrədilməlidir. Füzuli rus dilində keçilməlidir, Nizami rus dilində keçilməlidir. Vaxtı ilə Qarabağda yol verilən səhvlərə yenidən yol vermək olmaz. İndi Şimali və Cənubi Azərbaycanda bu səhvlərə yol verilir. Qeyri-dillərdə olan məktəblərdə o ölkələrin tarixi keçirilir. Bu, doğru deyil. Azərbaycanın tarixi, Azərbaycanın ədəbiyyatı burada olan digər qeyri-dilli məktəblərdə də tədris olunmalıdır. Fransız dilində, ingilis dilində təhsil gedən məktəblərdə də belə olmalıdır. Başqa məsələdir ki, ingilis ədəbiyyatı da, rus ədəbiyyatı da öyrədilsin, amma hökmən bizim tədris proqramımız tədrisin hansı dildə aparılmasından asılı olmayaraq, nəzərə alınmalı və əsas götürülməlidir.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Yaqub müəllim, üzr istəyirəm, mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mütəxəssislər oturublar, Nizami müəllim də yanınızdadır. Təhsilin rusdilli olduğu məktəblərdə dərsliklər hal-hazırda Moskvadan gəlir? Burada söhbət ondan gedir.
Y. Mahmudov. Tarix sahəsində var idi, biz onu dəyişmişik. Ədəbiyyat sahəsində isə bu məsələlər hələ də qalıbdır. Elə eləmək lazımdır ki, orada əlavə dərslər verilsin, könüllülük prinsipi olsun. Tədris edilsin, etirazım yoxdur, ancaq Azərbaycan məktəbində öyrədilən Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və başqa fənlərə orada da saatlar ayrılsın. Mən, əlbəttə, bunu riyaziyyata, kimyaya aid eləmirəm.
4.9-cu bənddə, mənim fikrimcə, ciddi dəyişikliklər edilməlidir. Burada konkret yazılıb: “Aşağıdakı problemlər və mövzular üzrə elmi əməkdaşlığının təşkil edilməsi”: İki nöqtə qoyulub, Ziyafət müəllim, ardınca gəlir: “Qafqazda İslam və Xristianlıq (Qafqazda İslam və Xristianlığın tədqiqi üzrə müştərək işçi qrupunun yaradılması)”. Sizə məlumat vermək istəyirəm ki, buna artıq başlayıblar və gizli yolla kitablar da yayırlar. Həmin kitablarda bizə də təbliğ edirlər ki, biz keçmiş xristian xalqıq, xristianlığa, onun mədəniyyətinə qayıtmalıyıq. Bu tematika elə quraşdırılıb ki, bunun içindən bizə lazım olmayan şeylər çıxacaq. Mən təklif edirəm ki, Qafqazda xristianlığın tarixi öyrənildiyi kimi, Rusiyada da İslam tarixinin öyrənilməsi təmin olunmalıdır. Rusiyanın Cənubi Qafqazda dini etnik siyasəti kimi məsələlərin də bura daxil edilməsi vacibdir.
Burada çox məsələlər var. Tariximizi, dini etiqadımızı dəyişmək olmaz. Şimal və Qərb tərəfdən Azərbaycanın pravoslavlaşdırılması cəhdlərinin qarşısını almaq, Rusiyada türk-islam xalqlarının 200 illik tarixinin öyrənilməsi problemlərini düşünərək, bizi təmin eləyən şəkildə bura daxil etmək lazımdır. Mən olan problemlərə etiraz eləmirəm, amma yeniləri də əlavə edilməlidir. Bu baxımdan Proqramdakı bəzi məsələlər gərək redaktə olunsun. Bütövlükdə mən yenə təkrar edirəm, bütün sahələrdə, o cümlədən humanitar sahədə müstəqil Azərbaycanın Rusiya ilə əlaqələrinin genişləndirilməsi bizim millətimizin, xalqımızın xeyrinə olar. Amma bu, bərabər hüquqlu, bizimlə onların mənafeyini eyni dərəcədə nəzərə alan əməkdaşlıq olmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Əvvəla, bu gün çox mühüm məsələlər müzakirə edilir. Ancaq 47 məsələnin iki iclasın gündəliyinə daxil edilməsinin özü normal hal deyil. Bu, müzakirələrin keyfiyyətli aparılmasına ciddi əngəl törədir. Təəssüf ki, hörmətli Sədr yoxdur, çünki ilkin olaraq o, rəhbər kimi bunlara münasibət bildirməyə lüzum gördü. Amma iş burasındadır ki, həqiqətən, burada ciddi, siyasi xarakterli məsələlər vardır və bunu, sadəcə, elmi-texniki əməkdaşlığa müncər eləmək doğru deyildir. Yalnız həmin bu sənədin məzmunu ilə tanış olmadan belə fikirləri səsləndirmək mümkündür.
Mən Rusiya ilə hər cür əməkdaşlığın, o cümlədən humanitar əməkdaşlığın tərəfdarıyam.
Rusiya ilə bizim müxtəlif formada əlaqələrimiz mövcuddur. O cümlədən həmin dövlətin müstəmləkəsi olaraq bir yerdə olmuşuq, hal-hazırda milyonlarla azərbaycanlı Rusiyada yaşayır. Azərbaycan Avrasiya məkanındadır, türkdilli milləti var. Milyonlarla insan öz münasibətləri dairəsində rus dilini, rus mədəniyyətini bilməli, rus mütəxəssisləri və rusdilli insanlarla əlaqədə olmalıdır. Hal-hazırda mövcud olan bu reallıqdan insanlar yararlanmalı, istifadə eləməlidirlər. Bir daha təkrar edirəm, bu baxımdan da əksəriyyət Azərbaycanda rus dilinin öyrənilməsinin, rus mədəniyyətinin, tarixinin, gerçəkliyinin araşdırılmasının əleyhinə deyil.
Bu sənədin mətnində ifadə olunan bir çox məsələlər sırf ideoloji xarakter daşıdığına görə Azərbaycan milli şüurunun, Azərbaycan milli ideologiyasının hal-hazırda formalaşmaqda davam edən və bir sıra hallarda hələ başa çatmamış məsələlərinə ciddi ziyan vura bilər. Hörmətli Nəsib Nəsiblinin və hörmətli Yaqub müəllimin də çıxışlarında bu məsələlərə toxunuldu. Mən, ümumiyyətlə, heç cür başa düşə bilmirəm ki, tarix, ədəbiyyat, o cümlədən həm də dil kimi sırf ideoloji xarakterə malik olan elmi tədqiqatları, məsələn, riyaziyyat, kimya və başqa texniki elmlərlə necə müqayisə eləmək olar. Burada söhbət humanitar əməkdaşlıq Proqramından getdiyinə görə elm deyəndə məhz humanitar sahələr nəzərdə tutulur. Birinci növbədə bura tarix elmi daxildir.
Azərbaycan tarixinin heç bir halda öyrənilməsini dövlətlərarası müqavilələrdə təsbit eləməyə və hər hansı tərəddüdlərin aradan götürülməsinə yol vermək olmaz. Ümumiyyətlə, tarix elminin tematikası sahəsində elmi tədqiqatları razılaşdırmaq çətin məsələdir. Mən sizi inandırıram ki, rusdilli məktəblərin Azərbaycanda təqdir olunmasının əleyhinə deyiləm. Lakin rusdilli məktəblərdə tarix, ədəbiyyat və Azərbaycan dilinin başqa dillərdə, məsələn, rus dilində öyrənilməsi istənilən nəticəni vermir. Hətta xalis Azərbaycan dilində onun geniş bir şəkildə, – bəzi məktəblərdə belə olub, – öyrədilməsində çətinliklər ortaya çıxıbdır. Bu cür proqramlar olduqdan, biz artıq dövlətlərarası müqavilələr əsasında öhdəliklər götürdükdən sonra bu vəziyyət daha da pisləşə bilər. Olduqca vacib məsələdir ki, həmin fənlərin tədrisi məhz bizim alimlərin tərtib və təsdiq elədiyi dərsliklər əsasında həyata keçirilsin.
Dünyanın bir çox yerlərində kosmopolit cərəyanının nümayəndələri tərəfindən təkcə Rusiyada deyil, ingilis dilli ölkələrdə də belədir, “Ümumdünya tarixi” adlı kitab yazılır və onların bir sıra milli ölkələrdə dərslik kimi tədris proqramına salınmasına cəhd edilir. Dünyanın əksər ölkələri buna müqavimət göstərir və bu cür cəhdlərə qarşı çıxır, tarixin bu şəkildə universal, belə deyək, kosmopolit dərsliklər əsasında tədrisinə yol vermirlər. Azərbaycanda da belə bir müqavimətin göstərildiyi şəraitdə bizim üçün həssas olan bir məsələni, yəni Azərbaycan tarixini və onun son, təxminən 2-3 əsrlik tarixini hansısa bir qonşu dövlətlə, bizi müstəmləkə altına almış bir dövlətlə razılaşdıraraq tədris eləmək barədə öhdəlik götürürük.
Mən, ümumiyyətlə, çox istərdim ki, bu sənədin işlənilib hazırlanmasında və bunların razılaşdırılmasında iştirak eləmiş mütəxəssislər burada olaydılar və səslənmiş bir sıra suallara cavab veriləydi. Çünki bu suallara hörmətli Şəmsəddin müəllim, yəqin ki, cavab verə bilməyəcək.
Mən Yaqub müəllimin çıxışında səsləndirdiyi fikirlə tamamilə razıyam. Burada “rusdilli milli azlıqlar” ifadəsi Azərbaycanda separatçılığın əsas ideoloji və həm də təşkiledici ideyalarından biridir. Həmin ideya bizim Azərbaycan dövlətinin imzaladığı, bu gün də Milli Məclisin təsdiqinə verilmiş sənəddə öz əksini tapmasıdır. Ümumiyyətlə, “rusdilli milli azlıq” nə deməkdir? Bu, mən sizə deyim ki, sadəcə, mücərrəd məsələ deyil. Bundan Moskvada fəaliyyət göstərən, hal-hazırda da separatçılıq şüarları ilə çıxış edən bir çox adamlar ciddi istifadə edə bilərlər. Deyək ki, talışların, ləzgi mənşəli vətəndaşların adından onlara heç bir aidiyyəti olmayan şəxslər internetə girərək danışmağı iddia eləyərlər.
Hörmətli Milli Məclis, mənim təklifim nədir? Bu sənəd bir halda ki dövlət başçısı tərəfindən göndərilib, mən inanmıram ki, burada bunun əleyhinə əksəriyyət cəsarət tapıb səs versin. Amma məsələnin müzakirəsini biz davam etdirək, bu barədə qanunvericilik təşəbbüsünün subyekti ilə əlaqə saxlayaq. Yaxud da bunu işləyib hazırlayan Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin mütəxəssisləri bura gəlib bizi maraqlandıran suallara cavab versinlər. Sənədin təsdiqinə səs verməyə bundan sonra qayıda bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Əlbəttə, burada məndən qabaq çıxışlar oldu və bu çıxışlarda çox ciddi məsələlərə toxunuldu. Biz, şübhəsiz, müəyyən məsələləri özümüz üçün aydınlaşdırmalıyıq. Bir qayda olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyəti hökumətin hesabatına daxil edilmir və bizim ondan müəyyən şeyləri öyrənmək imkanlarımız çox məhduddur.
Bu sənəd birinci deyil. 2004-cü ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın istiqamətləri barədə müqavilə imzalanıbdır. Bu müqavilə nə dərəcədə yerinə yetirilib, yetirilməyib, aydın deyil. Mənim bildiyimə görə o müqavilənin bir çox müddəaları yerinə yetirilməyib. Əgər yetirilməyibsə, bunun da bir izahı olmalıdır ki, nə üçün yerinə yetirilməyibdir. İndi də bu məsələ gəlib. Biz parlamentə göndərilən 2007–2009-cu illər üzrə humanitar sahədə əməkdaşlığa dair sənədi burada müzakirə eləyirik. Məndən qabaq çıxış edən deputat həmkarlarım burada nəyinsə dəyişilməsini zəruri hesab elədilər. Ancaq bu sənəd imzalanıbdır. Məsələ burasındadır ki, biz bunu ya təsdiq etməliyik, ya da etməməliyik. Artıq bizim burada nəyi isə dəyişmək imkanımız yoxdur. Bu sənədə etiraz etmək o halda ola bilər ki, bu sənədi təsdiq etməyək.
Rusiya ilə əməkdaşlıq, şübhəsiz ki, vacibdir, xüsusi ilə də mədəniyyət, elm və təhsil sahələrində. Rusiyanın çox böyük potensialı var. Burada Nəsib müəllimin dediyi bir çox məsələlər ilə mən razı olsam da, digər qismi ilə razı deyiləm. Rusiyanın universitetlərini bizim universitetlərlə müqayisə eləmək olmaz. Rusiyanın kitabxanaları da bizim kitabxanalar kimi deyil. Rusiya son 10 ildə kitabxana şəbəkəsini genişləndirmək sahəsində bəlkə də Avropada birinci yeri tutan ölkədir. Ölkənin böyük şəhərlərində geniş tutumlu kitabxanalar tikilib və kitab fondları həddindən artıq zənginləşdirilibdir. Rusiya ilə bu istiqamətdə əməkdaşlıq, hesab edirəm ki, Azərbaycan üçün faydalı olardı. Elm sahəsində, əlbəttə, müəyyən məsələlər var ki, birgə elmi işlər aparmaq olar. Amma, sadəcə olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi bu Proqrama münasibətdə diqqətsizliyə yol verib. Bu diqqətsizlik nədən ibarətdir? Bunun bir hissəsi qeyd olundu.
Birinci, burada sənədlərin imzalanması qaydasını özündə ehtiva edən protokol var. O protokolda göstərilir ki, bu Proqram, hər ikisi əsas nüsxə sayılmaqla, 2 dildə imzalanır. Mən soruşmaq istəyirəm, doğrudanmı, bu Proqramın hər iki dildə nüsxəsi yoxdur. Yaxud da elə bir nüsxədirsə, bu, çox bərbad haldadır.
İkinci, ayrı-ayrı bəndlərə diqqət yetirək. Hamının, yəqin ki, yadındadır, dəfələrlə bizim müxtəlif hakimiyyət orqanları və ictimai təşkilatlar Rusiya televiziya kanallarının Azərbaycanda bağlanması ilə əlaqədar bəyanatlar veriblər. Hətta tarixi də deyiblər ki, Rusiyanın filan-filan kanalları o vaxtda bağlanacaq. Bir tərəfdən dövlət orqanları Rusiya televiziya kanallarının bağlanmasını təklif edir, digər tərəfdən layihədəki 2.1-ci bənddə televiziya və radio verilişləri təşkilatlarının proqramlarının inkişaf etdirilməsi ilə bağlı məsələləri irəli sürürlər. Burada Yaqub müəllim çox yaxşı təkliflər verdi.
Azərbaycanla Rusiya əməkdaşlıq edir. Burada “digər rusdilli” ifadələrinin işlədilməsi, şübhəsiz ki, mədəniyyət, təhsil baxımından demirəm, siyasi baxımdan Azərbaycanın maraqlarına uyğun deyil. 3.1-ci bənd Proqramın tərəfdaşı olan Rusiyaya imkan verəcək ki, Azərbaycanda yerləşən, müəyyən dərəcədə ondan himayə görən etnik qruplara, xalqlara münasibətlərdə öz siyasətini həyata keçirmiş olsun.
Tarix sahəsində əməkdaşlıqdan bəhs edən bəndlər barədə “XVII-XIX əsrlərdə Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsi mərhələləri və formaları” ifadəsi barədə mənim tarixçi həmkarlarım da qeydlərini dedilər. Bilirsiniz, xronoloji cəhətdən götürürüksə, bu dövr XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə aiddir. Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsi məsələsini XVII əsrə aparıb çıxarmaq elmi baxımdan yanlış, siyasi cəhətdən zərərlidir. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. Ümumilikdə, mən də əməkdaşlığın tərəfdarıyam. Rusiya son illərdə çox ciddi şəkildə inkişaf edibdir. Onun yüksək mədəniyyəti, elm sahəsində böyük potensialı var. Əgər son 10 ildə Rusiyada çap olunmuş kitablara diqqət yetirsək, görərik ki, istər elmi cəhətdən, istərsə də mahiyyət, məzmun etibarı ilə son dərəcə güclü elmi dəyərləri özündə əks etdirən ədəbiyyatlar çapdan çıxmışdır.
Mən ali məktəblər sahəsində də əməkdaşlığı zəruri hesab edirəm. Biz indi nə formada istəsək, deyə bilərik ki, ya müstəmləkə, ya da bu dövlətlə bir yerdə olmuşuq. Amma unutmaq olmaz ki, bizim və Rusiyanın təhsil sistemləri arasında oxşar cəhətlər çoxdur. Moskva Dövlət Universitetini dünyada çox az universitetlə müqayisə etmək olar. Mən tam əminliklə demək istəyirəm ki, belə böyük bir ali məktəblə bizim əlaqələrimizin qırılması Azərbaycanın elm və təhsil sisteminə yaxşı heç nə gətirməz. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bunun da əvvəl təsdiq olunan sənədlər kimi yüngül müzakirə şəraitində keçəcəyini zənn edirdim. Çıxışa yazılmaq niyyətim yox idi. Amma burada ayrı-ayrı mövqelərdən səslənən tezislər mənə 1990-cı illərin gurultulu bəyanatlarını xatırlatdı. Mən məcbur oldum ki, öz fikir və mülahizələrimi sizinlə bölüşüm.
Məsələ burasındadır ki, burada antirusiya platforması bəyan eləyən bizim hörmətli həmkarlarımızın əksəriyyəti həmin məktəblərin yetirmələridir. Məni təəccübləndirən odur ki, onlar özlərinin elmi istedadlarına, necə deyərlər, bunu görərək, buna söykənərək çatanlardır. Amma həmin məktəbin üstünlüklərini nədənsə etiraf eləməyi unudurlar. Mən onlarla dostcasına söhbətlərdə soruşanda ki, siz 70 ildə bu ekspansiyada, yaxud da əsarətdə və köləlikdə yaşayan Azərbaycan alimlərini güclü hesab edirsiniz, ya 70 ildə müstəqil yaşayan Türkiyə alimlərini? Onlar çox səmimi şəkildə Azərbaycan alimlərinə üstünlük verdiklərini qeyd edirlər. Əlbəttə, bu mövqeyimdən həmin nəticə çıxmır ki, mən insanları, necə deyərlər, ekspansionizmə yönəldir, bunun üstünlüklərindən danışır, insanları hansısa boyunduruğa cəlb eləmək yolunu seçməklə fərqlənmək istəyirəm. Qətiyyən belə deyil.
Reallıqların etirafı tamam ayrıdır. Sovet dövründə yaşamış, müsbətlə yanaşı onun qüsurlu tərəflərini də öz çiyinlərində hiss eləmiş bizim ayrı-ayrı alimlərimiz, – məsələn, hörmətli Cəmil Həsənli kimi, – məsələdə, necə deyərlər, bir az nifrətli mövqeyi kənara qoyub hər şeyə obyektiv yanaşa bilirlərsə, mən hesab edirəm ki, milli maraqlarımıza uyğun gələn məhz budur. Bu gün belə bir məsələ müzakirə olunmur ki, Azərbaycan üçün günəş yenə haradan, şimaldan, yoxsa qərbdənmi doğacaq? Burada deyildi ki, müəyyən ekspansiyalara məruz qalmışıq. Mən sizə açıq deyim, müasir Rusiya bu ekspansionist siyasəti məhz mədəniyyət və informasiya hissəsində heç bacarmır. Məhz bu sənəddə heç onun təfərrüatı da yoxdur. Niyə mən bunu deyirəm. Qərbdə Mak Donald daha çox ideoloji ekspansiyanın simvoludur. Digər başqa ünsürlər də var. Rusiyada istəsələr də, mənim aləmimdə bunu doğrudan-doğruya heç bacarmırlar. Mən hesab edirəm ki, bu məsələdə bir sıra tarixi həqiqətlər onlara mane olur.
Məni təəccübləndirən odur ki, Rusiya ilə tarixi düşmənçilikdə ad çıxarmış ölkələr, böyük millətlər, məsələn, Almaniya bu gün onunla çox yaxşı münasibətlərə getdiyi halda, kiçik dövlətləri bu düşmənçiliyə stimullaşdırırlar. Türkiyə bizdən daha artıq dərəcədə Rusiya ilə müharibələr yaşamış bir ölkədir. Bu gün Rusiya ilə onun çox yaxşı iqtisadi, mədəni və digər sahələrdə əlaqələri vardır. Mən bəzən bir millət olaraq iddialı olmağımızı çox bəyənirəm. Bu yaxşıdır. Ancaq bu əməldə müxtəlif məsələlərə yönələndə çox ciddi qüsurlara yol veririk. Halbuki biz onun ağrı-acılarını keçmişdə yaşamışıq.
Mən istəməzdim ki, bir sənədə yanaşmada kim isə özünü məhz Rusiyaya qarşı qoysun, digəri isə qərbpərəst kimi göstərsin. Amerikaya eyni, buna oxşar sənədi Azərbaycana təklif eləməyə kim mane olur ki? Bildiyim qədər buna bənzər əməkdaşlıq istiqamətləri də mövcuddur. Yaxud mən daxilən özümü Avropa yönümlü hesab edirəm. Amma korcasına Rusiyanı söyməyimizin də əleyhinəyəm. Mən hesab edirəm ki, yaşadığımız bu ortaq tarixi, ortaq dəyərləri bu cür keçmişimizdən çıxarıb ata bilmərik. Bu mənada mən bilsəydim, bura elə hörmətli Cəmil müəllimin kitabını gətirərdim. O, Azərbaycanın müstəqilliyi dövründə Rusiyanın arxivlərində məxfilik qrifi üzərindən götürülmüş sənədlərlə işləyərək Azərbaycanın həyatı ilə bağlı çox dəyərli bir kitab ortalığa qoyubdur. Rusiya o faktları gizlədibmi? Xeyr, Rusiya ondan maraqlarına uyğun öz dərsliklərində istifadə edib.
Kim Azərbaycan alimlərinə mane olur ki, gedib onlarla işləməsinlər. Əksinə, mən təklif eləmək istəyirəm ki, o arxiv istiqamətində də Azərbaycanın alimlərinə əməkdaşlıq imkanları verilsin. Belə olsa, Azərbaycan alimləri gedib Rusiyada vətəndaş olmadıqlarından, başqa səbəblərdən beşqat artıq vəsait ödəməzlər. Rusiya vətəndaşları 12-15 ABŞ dolları ödəməklə həmin sənədlərlə işləyə bilirlər. Mən hesab edirəm ki, məsələdə belə bir seçim qarşısında deyilik ki, bu bizi növbəti bir köləliyə aparır. Biz bu köləliyə razıyıq, ya yox.
Burada əyləşənlər həddindən artıq Rusiyanın köləliyini qəbul eləmiş insanlardır. Rusiyanın canlı təsiri ilə ayaq tutanlar bu gün də ölkənin içərisində yeriyirlər. Onlardan kim isə qərbpərəst mövqeyin sahibidir və istəyir ki, Azərbaycan müasir sivilizasiyanın tərkib hissəsinə çevrilsin. Məsələn, mən sizə açıq deyirəm, bəlkə də heç deməyim düzgün deyildir. Qəbələ radiolokasiya sisteminin müqavilə şərtlərində iqtisadi baxımdan Azərbaycanın xeyrinə müddəalar dəyişdirilmişdir. Bu gün Qəbələ ilə bağlı məsələdə Avropaya kim mane olur ki, Azərbaycanla işləsin. Ümumiyyətlə, burada özünü qərbpərəst göstərənlərdən mən bir şeyi soruşmaq istəyirəm. Onların xəbəri varmı ki, Azərbaycan birinci olaraq həmin informasiya sistemini əməkdaşlıq üçün kimə təklif edib? Mən də çox çətinliklə hər hansı bir səbəbdən bu informasiyalar barədə məlumatlıyam. Ona görə hesab edirəm ki, burada bizim əməkdaşlıq istiqamətlərimiz Azərbaycanın Avropa ilə münasibətlərinə, əlaqələrinə qətiyyən mane olmur. Heç kəs belə sənədlərin Azərbaycana gələcəyi təqdirdə onun qarşısını almayacaqdır. Bir sıra məsələlərdə, tutalım ki, iqtisadi xarakterli məsələlərdə Rusiya özü bu əlaqələri qırır.
Rusiyanın diktatorluğu altında olan MDB-də ATƏT-lə bağlı bəyanatın qəbul olunması məsələsini yada salaq. Yadınızdadırsa, bir cıdır yarışı adı ilə ölkə prezidentlərinin ora dəvəti baş vermişdi. Rusiyaya orada bəlli deyildimi ki, ATƏT əleyhinə sənəd qəbul olunacaqdır? Yəqin ki, bəlli idi: Azərbaycan, əlbəttə, kollektiv təhlükəsizlik sənədini imzalamadı və bir sıra məsələlərə, o cümlədən Xəzərlə bağlı məsələlərə qoşulmadı. Ona görə də mənim bu yerdə mövqeyimi Rusiyapərəst mövqe kimi saymaq olmaz. Açığını deyim ki, Rusiyanın bir sıra siyasətçilərindən mənim ciddi şəkildə xoşum gəlmir. Hələ də heyrət eləyirəm ki, onların mövqeyi Rusiyanın ziyanına işləyir. Ona görə də mən çox normal bir sənədin köləlik sənədi, təslimçilik sənədi kimi müzakirə olunmasının qəti əleyhinəyəm.
Bu sənədin üzərində işləyənlər, təbii ki, ola bilsin, hansısa ifadələrdə yanlışlıqlara yol veriblər. Azərbaycanın milli maraqlarını onlar bəlkə də bizdən az istəmirlər. Düşünürəm ki, bununla bağlı ölkə rəhbərliyi hansı ölkənin maraqlarına söykəndiklərini çox yaxşı bilirlər. Ona görə düşünürəm ki, bu sənədi qəbul etmək olar. Həmkarlarımın yerdən mənə pıçıltı ilə dedikləri sözü bərkdən elan edirəm ki, imkan olsa, bu sənədi səsə qoyaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər etiraz yoxdursa, xahiş edirəm, sənədə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən səsə qoyandan sonra deyirsiniz ki, mənim sözüm var.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 85
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Mən hər dəfə səsvermədən qabaq sual verirəm ki, yenə çıxış etmək istəyən varmı? Heç bir cavab olmur. Yenə deyirəm ki, təkid edən yoxdursa, səsə qoyaq. Səsvermə başlayan kimi biri deyir, mənim sözüm var. Xahiş edirəm, bir az diqqətli olaq.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikası Prezidenti ilə Litva Respublikası Prezidentinin 2006-cı il iyunun 8-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı komissiyamızda müzakirə edilmiş və müsbət rəylə qarşılanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq bu sənəd Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmuşdur.
Bəyanat özlüyündə bizim üçün çox vacib və əhəmiyyətli bir sənəddir. Azərbaycan üçün böyük, yaxud balaca dövlətin çox da böyük əhəmiyyəti yoxdur. O dövlətlərin özünün siyasəti, çəkisi bizim üçün çox vacib və əhəmiyyətlidir. İndicə Rusiya ilə bağlı müzakirə olunmuş məsələnin və bu Bəyanatın təsdiq olunması Azərbaycanın xarici siyasətinin coğrafiyasını bir daha bizə sübut edir. Bəyanatda çox vacib məqamlar öz əksini tapıbdır. Mən onları həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm. Azərbaycanın Litva Respublikası ilə münasibətlərində Avropaya inteqrasiya istiqaməti və NATO ilə münasibətdə Litvanın təcrübəsindən istifadə olunması məsələsi Bəyanatda əsas yer tutur. Siz bilirsiniz ki, Litva da bu saat Avropa Birliyinin fəal üzvlərindən biridir. Onun bu sahədəki təcrübəsi, bir dövlət kimi qazanmış olduğu nailiyyətlər Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir.
Litva Respublikasının Prezidenti cənab Valdas Adamkusun Azərbaycana gəlməsi və burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə çox səmərəli danışıqlarında vacib məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq sazişlərin və beynəlxalq konvensiyaların qorunması, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanun çərçivəsində həll olunması bu Bəyanatda öz əksini tapmış və ona xüsusi münasibət bildirilmişdir. Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində iqtisadiyyatın, xarici və daxili siyasətin, mədəniyyət məsələlərinin Avropa məkanında daha yüksək səviyyədə təqdim olunması və genişlənməsi məsələlərinə də burada kifayət qədər yer verilmişdir. Komissiyamız bu məsələnin parlamentdə təsdiq olunmasına tərəfdar çıxmışdır. Ona görə mən həmkarlarımdan xahiş edirəm, buna müsbət münasibət bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir müəllim, Siz bu məsələyə aid çıxış etmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, iclasın gedişatı var. Mən iclası düzgün aparıram. Komissiyada çıxış etmisiniz, burada da mən dedim ki, “təkid edən yoxdursa”. Biz əvvəlki məsələyə qayıtmırıq. Əgər bu sənədlə əlaqədar sözünüz varsa, buyurun. Yoxdursa, onda imkan verin, işimizə davam edək. Bundan əvvəlki məsələyə görə çıxış etmək istəyirsinizsə, mən Sizə söz verməyəcəyəm.
S. Rüstəmxanlı. Oqtay müəllim, Siz hələ bilmirsiniz, axı, mən nədən danışacağam.
Sədrlik edən. Sizə o məqsədlə sual verdim ki, bu məsələyə aid danışırsınız? Buyurun.
S. Rüstəmxanlı. Mənim millət vəkili kimi danışmağa haqqım var və nədən danışacağımı özüm müəyyənləşdirirəm, Siz yox. Mən bu da onun içərisində olmaq şərti ilə beynəlxalq sənədlər haqqında ümumi sözümü demək istəyirəm. Bu sənədlərin hamısı bizim komissiyada müzakirə olunubdur. Küll halında bunların hamısının qəbulu ilə əlaqədar komissiyanın sədri və üzvləri fikirlərini dedilər. Mənim burada yalnız bir məsələyə dair, – indi Siz bunu köhnə müzakirə olunan məsələ ilə əlaqələndirsəniz, özünüz bilərsiniz, – Milli Məclisin mövqeyi ilə bağlı sözüm var.
Biz müstəqil dövlətik. Müstəqil dövlətin müstəqil ideologiyası, inkişaf xətti var. Neçənci dəfədir, ümumiyyətlə, bir ənənəyə çevrilib ki, burada Azərbaycan dövlətinin milli ideologiyasının, müstəqilliyimizin daha da inkişafı ilə bağlı problemlər ortaya çıxır. O saat, məsələn, məndən əvvəl çıxış edən Zahid bəy kimi biri qalxır, buna tamamilə ayrı mövqedən yanaşır. Rusiya ilə münasibətlərlə bağlı nədən söhbət getdi? Rusiya ilə bağlı münasibətlər, hamı deyir ki, qorunsun, inkişaf etdirilsin. Amma elə bir səviyyədə inkişaf etdirilsin ki, o bizə ziyan vurmasın. Bunu tamamilə əks müstəvidə qələmə vermək, məncə, yanlışdır. Ona görə mənə həmin məsələ ilə bağlı çıxış edən deputat yoldaşlarımızın fikirlərinin nəzərə alınmaması qəribə gəldi.
Mən çıxışımda bir təklif edəcəkdim və ən azı biz bunu nəzərə almalı idik. O da ondan ibarətdir ki, son vaxtlar Rusiyada Azərbaycanın əleyhinə Ermənistan tərəfindən hazırlanıb verilən çoxlu sayda kitablar çap olunur. Məsələn, Qarabağ qurtarıb, indi şimal bölgələri və Gəncə haqqında 3 min tirajla böyük, şəkilli kitab buraxıblar. Bundan əlavə də onlarca kitab buraxırlar. Bu müqavilədə ən azı Rusiyadan tələb etmək olardı ki, – özü də sülh danışıqlarını aparan ölkələrdən biridir, – heç olmasa, bu məsələlər həll olunub qurtarana qədər bu münaqişələri qızışdıran kitabların orada çapına imkan verilməsin. Buna bənzər bir çox məsələləri də tələb etmək olardı.
Nədənsə, biz bu məsələləri qaldıran kimi deyirlər ki, siz Rusiya ilə Azərbaycanın əməkdaşlığına mane olursunuz və əməkdaşlığının əleyhinəsiniz. Heç kim bunun əleyhinə deyil. Amma dünyada elə bir ölkə yoxdur ki, müstəqil olsun, ali və orta ixtisas məktəblərinin bütün fakültələrində paralel olaraq rus bölmələrini də saxlasın. Dünyada elə bir ölkə ola bilməz ki, müstəqil olandan sonra da 200 il onun əlinin altında yaşayan bir ölkə ilə təzədən nə cür işğal olunması məsələsini müzakirəyə çıxarsın. Mən bunu demək istəyirdim. Dediyim tək bu sənədə aid deyil. Ümumiyyətlə, gələcəkdə buna bənzər proqramlarımızda da belə məsələlər nəzərə alınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Sabir müəllim, heç kim bizim əlimizdən tutmur. Eyni qaydada biz də kitab yazaq, orada çap edək. Etmirik, bu başqa məsələdir. İkinci, Siz deyən kimi, rus fakültələri niyə qalıb? Bir misal deyim. Eyni qaydada Hindistan da tarix boyu İngiltərənin müstəmləkəsi olmuşdur. Bu o demək deyil ki, Hindistanda ingilis dilində təhsil yoxdur. Orada da paralel fakültələr var. Sizin dediyiniz düzgün misal deyil.
İndi burada söhbət sazişlərdən gedir. Əməkdaşlığa dair Proqramda nəyi görmək istəyirsiniz, nə kimi təklifləriniz var, verin. Siz də işləyin. Rusiyada ermənilər işləyirlər, biz işləmirik. Burada günahı ruslarda görmək düz deyil, günah bizdədir.
Siyavuş müəllim, bu məsələ ətrafındadırsa, buyurun. Deyişmə düzəltməyək. Sabir müəllim ağsaqqal adamdır. Xahiş edirəm, çox qısa deyəsiniz.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımı müza kirə olunan məsələlərə səs verməyə çağırıram. Burada söh bət nədən gedir? Heç kəsin üzərinə aparat qoyulmayıb ki, bu, vətənpərvərdir, ya digəri vətənpərvər deyil. Ola bilər, kim isə dildə, kim isə qəlbində, ürəyində, kim isə də fəaliy- yətində özünü vətənpərvər göstərir. Ona görə də məsələlərə bu cür yanaşmaq, hansısa damğanı vurmaq düzgün deyil.
Hər bir deputatın, millət vəkilinin özünün fikri və mövqeyi var. Bir şəxs məsələni bu cür əsaslandırır, başqa birisi ayrı formada əsaslandırır. Bu yanaşma tərzində, mən hesab etmirəm ki, heç kəsin hər hansı bir təklifi verməsi qəbahət ola bilməz. Mən bu cür düşünürəm. Bundan əvvəlki müzakirə ilə bağlı fikirlər söylənildi. Ola bilər ki, həm bu tərəfdən, həm də o tərəfdən söylənilən fikirlərdə haqlı cəhətlər var. Bu gün deputat həmkarlarım da bunu qeyd etdilər. Bir neçə müddət bundan əvvəl Cəmil müəllimin Sankt-Peterburqda kitabı çap olunub və orada da onun təqdimat mərasimi keçirilib.
Bunu demək doğru deyil ki, Rusiyada ancaq Azərbaycanın əleyhinə kitablar çap olunur. İkinci tərəfdən, burada bir sahədəki əməkdaşlıqdan söhbət gedir. Əgər Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyindən söhbət gedirsə, biz bunu çıxaraq ortaya, müzakirə edək və fikrimizi deyək. Söhbət humanitar sahədəki əməkdaşlıqdan gedirdi. O adamlar burada çıxış etdilər ki, özləri Rusiyada oxuyub qurtarıblar. Əgər başqa ölkələrin şəhərlərində təhsil alsaydılar, bu, başqa bir məsələ olardı. Bu gün o sistemin verdiyi savada, dünyagörüşə, təfəkkürə görə həmin ölkə ilə bağlılığımız, əlaqələrimiz davam etməlidir. Litva, İordaniya, Rumıniya ilə də ayrı-ayrı sahələr üzrə əlaqələrdən söhbət gedə bilər. Bunun fərqi yoxdur.
Sədrlik edən. Fikriniz aydındır. O sənəd səsə də qoyuldu, qəbul da edildi. Çox sağ olun. Xahiş edirəm, ondan sonra haqqında məlumat verilən sənədə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, ölkələr arasında bu xarakterli sazişlər müntəzəm olaraq Milli Məclisdə müzakirə olunmuşdur. Bu xarakterli sazişlərin strukturu da, maddələri də, demək olar ki, eyni məzmundadır. Söhbət ondan gedir ki, hər iki dövlət arasında sərmayələrin təşviqi və qorunması ilə əlaqədar bu sənəddə olan maddələr həyata keçirilsin.
Hər iki dövlət bu Sazişdə öz üzərlərinə bir sıra öhdəliklər götürürlər. Tərəflər qanun və qaydalara uyğun olaraq sərmayəçilərin sərmayələrini təşviq edəcək, onlar üçün əlverişli şərait yaradacaq və bu cür sərmayə qoyuluşlarına icazə verəcəklər. Hər iki tərəf də öz növbəsində qarşı tərəfin sərmayəçilərinin sərmayələrinə ədalətli və bərabər rejim tətbiq edəcək, tam və daimi müdafiənin, təhlükəsizliyin təmin olunmasına çalışacaqdır. Heç bir tərəf qarşı tərəfin sərmayəçilərinin sərmayələrini idarə etməsinə, saxlamasına, istifadəsinə, onlardan faydalanmasına, əldə etməsinə səbəbsiz, əsassız və ya ayrı-seçkilik yolu ilə qarışmayacaqdır.
İqtisadi siyasət daimi komissiyasında bu xarakterli sazişlərə birmənalı şəkildə müsbət münasibət bildirilmişdir. O cümlədən belə bir Sazişin təsdiqi, hörmətli Səməd müəllimin dediyi kimi, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadi münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Xahiş edirəm, millət vəkilləri bu Sazişə müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, Sazişə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq üzrə” Sazişin təsdiq edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sazişin bağlanmasında məqsəd iqtisadi artımın sabitliyinin təmin olunması, hər iki ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması, dövlətlərin sahib olduqları təbii sərvətlərdən və ehtiyatlardan səmərəli istifadənin təşkilinə xidmət etməkdir.
Sənədin müsbət cəhətlərindən biri də iqtisadi və texniki əməkdaşlığın, ikitərəfli əlaqələrin uzunmüddətli olmasının, habelə ölkələrimizin xalqları arasında qarşılıqlı etimadın daha da gücləndirilməsidir. Sazişə əsasən ölkələrimizin müvafiq qurumları lazımi tədbirləri həyata keçirməklə ölkələrarası iqtisadi və texniki əməkdaşlığı təşviq edəcəklər. Eyni zamanda, Azərbaycan və İordaniya hökumətləri arasında bu Sazişin həyata keçirilməsini təmin etmək məqsədi ilə iki ölkə nümayəndələrindən ibarət birgə komissiyanın yaradılmasının nəzərdə tutulmasıdır. Bu, Sazişin mühüm müddəalarından biridir. Komissiyanın fəaliyyətinin əsas işləmə üsulu növbə ilə hər iki ölkə paytaxtlarında mütəmadi iclasların keçirilməsi olacaqdır. Sazişin Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi və texniki əməkdaşlığa müsbət təsirini nəzərə alaraq onun təsdiqini millət vəkillərindən xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə təklif edildi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sazişi birgə səsə qoymaq olmaz.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət Sazişinin təsdiq edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Saziş hər iki dövlət arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəkdir. Bu Sazişin bağlanmasının məqsədi iki ölkə arasında malların göndərilməsidir. Ölkələrin qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq idxal və ixrac əməliyyatlarını aparmaq səlahiyyəti verilmiş hüquqi və fiziki şəxslər arasında müqavilələr əsasında bu fəaliyyət həyata keçiriləcəkdir.
Sazişin müsbət cəhətlərindən biri də odur ki, iki ölkə arasında bütün ödənişlərin istənilən sərbəst mübadilə olunan valyuta hesabına həyata keçirilməsi imkanları mümkün olacaqdır. Bununla yanaşı, hər iki ölkənin müvafiq təşkilatları, şirkətləri və firmaları öz aralarında hesablaşmalar aparmaq üçün razılaşdırılmış digər ödəniş vasitələrindən də istifadə edə bilərlər. Sazişdə dünya standartlarına uyğun olaraq hər iki ölkə arasında ticarətin inkişafına xidmət edən maddələr nəzərdə tutulmuşdur. Sazişin vacibliyini nəzərə almağı və təsdiqini millət vəkillərindən xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığının Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkə Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın vacib və yeni sahələrindən olan turizmin inkişafına xüsusi önəm verir. Son dövrlərdə bu sahənin maddi-texniki bazası sürətlə möhkəmlənir, yeni müasir mehmanxanalar, turizm istirahət kompleksləri salınır. Dövlət başçısının tapşırığına əsasən hökumət ölkədə turizmin, o cümlədən daxili və xarici turizmin inkişafına dair uzunmüddətli dövlət proqramının hazırlanmasını başa çatdırır. Milli Məclisin təsdiqinə çıxarılmış bu Saziş qeyd etdiklərimin tərkib hissəsidir.
Saziş 10 maddədən ibarətdir. Sənədin məqsədi turizm sahəsində əməkdaşlığı inkişaf etdirməklə hər iki ölkə xalqlarının tarix və mədəniyyətlərini daha yaxşı təbliğ etmək və möhkəmləndirməkdir. Hər iki ölkənin dövlət qurumları, turizm sahəsində fəaliyyət göstərən müvafiq şirkət və təşkilatları arasında əməkdaşlıq daha da genişləndiriləcəkdir. Bunun üçün bütün mümkün olan imkanlardan istifadə olunmasına, Azərbaycana və İordaniyaya qarşılıqlı şəkildə turistlərin gediş-gəlişinin təşkilinə, bu ölkələrdə turizm əlaqələrinin dəstəklənməsinə müvafiq şərait yaradılacaqdır. Sazişin çox vacib olduğunu nəzərə alaraq millət vəkillərindən xahiş edirəm ki, bu sənədə də öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Saat 4-ə qədər fasilə elan edirəm.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, əyləşin. İclası davam etdiririk.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bundan əvvəl biz bir neçə saziş təsdiq etdik. İndi də Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq olunması ilə bağlı məsələyə münasibətimizi bildiririk. Azərbaycanın Avropa Birliyinə daxil olan ölkələrlə əlaqələrini bu şəkildə qurması çox müsbət, vacib məsələ kimi xüsusi qeyd olunmalıdır.
Bu Bəyannamə Azərbaycan Respublikasının Prezidenti və Rumıniya Respublikasının Prezidenti tərəfindən Bakı şəhərində imzalanmışdır. Rumıniya Respublikasının Prezidenti ötən ilin payızında Azərbaycana rəsmi səfərə gəlmişdi. Səfər zamanı Azərbaycanın maraqlarına xidmət edən bir çox məsələlərə xüsusi diqqət yetirildi. Bunlar bizim gələcək münasibətlərimiz üçün vacib olan məsələlər idi. Hər iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi burada xüsusi vurğulanır. Eyni zamanda, imzalanan bu sənəddə neft, qaz kəmərlərinin Avropa üçün əhəmiyyəti, Azərbaycanın beynəlxalq qanun çərçivəsində münaqişələrini həll etməsi, ərazi bütövlüyünü qoruması məsələləri ön plana çəkilmişdir.
Azərbaycan-Rumıniya münasibətləri yeni mərhələyə Avropa Birliyi səviyyəsində qədəm qoyacaqdır. Rumıniya Azərbaycanın Avropa ölkələri ilə qonşuluq və sıx əməkdaşlıq siyasətinə dəstək verən bir dövlətdir. Onun təcrübəsindən Azərbaycan tərəfinin istifadəsi məsələsi Birgə Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə olan məsələlərin gələcəkdə reallaşması Azərbaycanın Avropada nüfuzunun daha da artmasına kömək edəcəkdir. Ona görə komissiyamız buna müsbət rəyini bildirmişdir. Sizdən də xahiş edirik ki, bu sənədə müsbət münasibətinizi bildirəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə kimi təklifiniz var? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.02 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq haqqında” 1995-ci il iyulun 2-də Buxarest şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə Əlavə Protokolun təsdiq edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Adı çəkilən dəyişikliklər hazırkı dövrün tələblərindən irəli gəlir. Belə ki, Sazişin adı yeni redaksiyada verilir. Bundan sonra sənəd “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq haqqında” Saziş adlandırılır. Buna uyğun olaraq Sazişin 1-ci, 8-ci, 11-ci maddələrində müvafiq dəyişikliklər edilmiş, bəzi ifadələr, cümlələr yeni redaksiyada verilmişdir. Nəzərə alaq ki, Rumıniya artıq Avropa İttifaqının üzvüdür, onun üzərinə götürdüyü öhdəliklərdən irəli gələn tələblərə uyğun olaraq Sazişin 11-ci maddəsinə iki yeni hissə əlavə olunmuşdur. Sazişin 2-ci, 3-cü, 9-cu maddələri hüquqi qüvvəsini itirir. Protokolun mətni mükəmməl hazırlanmışdır. Bu sənədin də qəbul olunmasına səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Dediyim kimi, gündəlikdə çoxlu sayda bəyannamə və sazişlər var. Növbəti məsələ “Rumıniya Hökuməti və Azərbaycan Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” 2002-ci il oktyabrın 19-da Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Əlavə Protokolun təsdiq edilməsi. Bu dəyişikliklərin hamısı Rumıniya Prezidentinin Azərbaycana gəlişi zamanı olub, ona görə biz dəyişikliklərə dair bu sənədi də təsdiq etməliyik. Başqa fikir yoxdur ki? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.05 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Cənab Sədr, hörmətli millət vəkilləri! Artıq millət vəkillərində, yəni Milli Məclisin üzvlərində ikiqat vergitutma ilə əlaqədar tam fikir formalaşmışdır. Bu Konvensiyanın mahiyyəti, maddələri, müəyyən spesifik cəhətləri nəzərə alınmaqla bütün ölkələr üçün eynidir. Biz belə sazişləri təsdiq etmişik. Komissiyada da müzakirə zamanı belə fikir formalaşdı ki, bu sənədin də təsdiqini Milli Məclisdən xahiş edək.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında olan Protokolun təsdiq edilməsi barədədir. 20-ci məsələyə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında texniki, maliyyə və humanitar əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası ilə Ukrayna arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Sevindirici haldır ki, Ukrayna ilə bizim bu gün münasibətlərimizin möhkəmlənməsinə böyük təkan verəcək Sazişin müzakirəsi gündəmə gəlib. Ukrayna Respublikası Prezidentinin və Azərbaycan Respublikası Prezidentinin Bakıda imzaladıqları Birgə Bəyannamə çox vacib bir sənəddir və hər iki respublikanın Qərb istiqamətində inkişafı, beynəlxalq proseslərə münasibəti, ərazi bütövlüyü ilə bağlı məsələni əks etdirir. Burada xüsusi ilə diqqəti cəlb edən məsələ Dağlıq Qarabağ münaqişəsinə münasibətlə bağlıdır. Siz bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə Bakıya gələn Ukrayna Prezidenti burada o məsələyə açıqcasına konkret mövqeyini bildirmişdir. Bu, Azərbaycanın tələblərinə tam uyğun gələn bir mövqedir və Ukrayna Respublikası, onun Prezidenti tərəfindən dəstəklənir. Bu məsələ Birgə Bəyannamədə də öz əksini tapmışdır. Komissiyamız bu sənədi yekdil fikirlə müsbət qarşılamışdır. Mən sizdən xahiş edirəm, Azərbaycan–Ukrayna münasibətlərinə böyük kömək və dəstək ola biləcək Birgə Bəyannaməyə səs verəsiniz.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədədir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik əməkdaşların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Aqrar Siyasəti Nazirliyi arasında bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” Müqavilənin təsdiq edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, ötən ilin noyabr ayında cənab Prezident Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olubdur. Dövlət başçısının səfəri zamanı orada hökumət nümayəndələri tərəfindən bir çox sənədlər imzalanmışdır. Həmin müqavilələr, sazişlər paket şəklində parlamentə təqdim olunmuşdur. Ona görə, əgər etiraz eləmirsinizsə, bizim Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında baxılmış 3 məsələ barədə bir yerdə məruzə edərdim.
Birinci sənəd – “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” Müqavilədir. Ekstradisiya, bildiyiniz kimi, cinayət törətmiş şəxsin məsuliyyətə cəlb olunması və ya haqqında hökmün icra olunması üçün başqa dövlətə verilməsidir. Təbii ki, dövlətlər arasında iqtisadi, siyasi, hüquqi və sair münasibətlər daim inkişaf edir. Qeyd etməliyəm ki, ekstradisiya məsələləri həm daxili hüquqla, həm də beynəlxalq müqavilələrlə tənzimlənir.
Məlumat üçün deyim ki, həm “Ekstradisiya haqqında”, həm də “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycanın qanunları var. Bu məsələlər bütövlükdə bizim daxili hüquqda da, ümumən, öz əksini tapıbdır. Eyni zamanda, beynəlxalq müqavilələr də bağlanır və müəyyən təfərrüatlar, konkret məsələlər bu müqavilələrdə daha dolğun şəkildə əksini tapmış olur.
İkinci sənəd iki ölkə arasında “Mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilədir. Bu Müqavilə iqtisadi münasibətlərdən ötrü də çox vacibdir. Nəhayət, üçüncü, “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilədə təsdiq olunmaq üçün parlamentə təqdim edilibdir. Bu hüquqi sənədlər iki ölkə arasında artan iqtisadi münasibətlərin, belə demək olarsa, beynəlxalq hüquqi bazasını yaratmış olur. Ona görə mən hörmətli həmkarlarımdan bu sənədlərə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim üç sənəd haqqında qısaca məlumat verdi. Ancaq biz onları ayrı-ayrı səsə qoymalıyıq. Ona görə, xahiş edirəm, əvvəlcə Ekstradisiya haqqında Müqaviləyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqaviləyə, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə məsələyə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Müzakirəyə ehtiyac varmı? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İcazə versəniz, Azərbaycanla Birıəşmiş Ərəb Əmirlikləri arasında bağlanan digər sənədlərin adlarını bir-bir deyərdim, sonra ayrı-ayrılıqda səsə qoyarıq. Etiraz yoxdur. Onda xahiş edirəm, diqqətli olun. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Sazişləri qəbul etdik. Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli, 928 saylı qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə dəyişikliklər və əlavə edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Qeyd etdiyiniz kimi, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə dəyişikliklər və əlavə edilməsi təklif olunur. Bu da tamamilə düzgündür. Nə üçün? Çünki bu, qanun qüvvəsində olan Əsasnamədir və parlamentdə təsdiq olunmuşdur.
Bilirsiniz ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun çox geniş müzakirə olunubdur. Parlamentdə gedən çox maraqlı müzakirələrdən sonra qəbul olunmuş qərar, həqiqətən, vətəndaşların mənafeyinə xidmət edirdi. Burada pasportların verilməsi ilə bağlı müddətlərin qısaldılması nəzərdə tutulmuşdur. Hazırda bilirsiniz ki, vətəndaş və ya onun qanuni nümayəndəsi müraciət etdikdən sonra bir ay müddətində pasport alır. Bu, ümumi müddətdir. Amma qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 5 gün müddətində olmalıdır. Biz burada “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunu nəzərdə tuturuq. Əsasnamə də dediyimiz Qanuna edilən əlavə və düzəlişlərə uyğunlaşdırılmalıdır. Bizim qanunvericiliyin dəqiqləşdirilməsinə xidmət edən bu sənəddə edilən dəyişikliyin mahiyyəti aydındır. Bununla vətəndaşların çox qısa zaman çərçivəsində pasport almaq hüquqlarına təminat vermiş olur. Hesab edirəm ki, bu sənədə səs verib onu qəbul etmək lazımdır.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.26 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, son dövrlər Azərbaycanda bütövlükdə dövlət qulluğu məsələlərinə xüsusi önəm verilir. Nizam-intizam məsələləri öndədir. “Dövlət qulluğu haqqında” Qanun qəbul olunduqdan sonra onun tətbiqi ilə bağlı cənab Prezident tərəfindən çox mühüm sənədlər imzalanmışdır.
Biz bu yaxınlarda parlamentdə Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsini müzakirə etdik. Bizim “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi məsələsi öz həllini tapmamışdır. Cənab Prezident tərəfindən “Dövlət qulluğu haqqında” Qanuna əlavə yeni “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” adlı 30.1-ci maddə təklif olunur. Bu maddə çox genişdir və bir çox məsələləri əhatə edir. Maddənin mahiyyətinə görə inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Bu maddədə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin meyarları konkret göstərilir. Buraya professional bilik, əmək intizamı, təcrübə və sair daxildir.
Maddədə rəhbər işçilərin xidməti fəaliyyəti ilə bağlı meyarlar bir qədər fərqlidir. Onlar üçün sadalananlardan əlavə də meyarlar nəzərdə tutulur. Burada analiz və proqnozlaşdırma, idarəetmə, komanda qurmaq bacarığı və başqa əlavə meyarlar da nəzərdə tutulubdur. Maddədə həmçinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün sistem müəyyənləşibdir. Yəni hansı formada nəticə əldə edirsə, dövlət qulluqçusu ona uyğun qiymət alır: əla, yaxşı, kafi və qeyri-kafi. Bu maddədə o da öz əksini tapıb ki, dövlət qulluqçusunun qiymətləndirmə ilə bağlı özünün rəyi ola bilər. Bu rəy dövlət qulluqçusunun şəxsi işinə də əlavə olunur. Bütövlükdə bu meyarlar və qiymətləndirmənin nəticələri də dövlət qulluqçusunun şəxsi işində öz əksini tapmış olur.
Dövlət qulluqçularının, peşəkar dövlət qulluqçusu aparatının, yeni tələblərə cavab verən məmur komandasının formalaşması baxımından onların xidməti fəaliyyətini qiymətləndirmə çox vacibdir. Cənab Prezident tərəfindən təklif olunmuş bu əlavə bütövlükdə “Dövlət qulluğu haqqında” Qanunun vahid sisteminin formalaşmasına xidmət edir. Həmkarlarımdan bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Mən qısaca bir-iki cümlə deyəcəyəm. Prinsip etibarı ilə biz bu əlavənin olunmasına etiraz etmirik. Amma burada hər təqvim ilinin sonunda belə qiymətləndirmənin aparılması məmurların içərisində olduqca gərgin bir vəziyyət yarada bilər. Məmur bilikli, professional və intizamlı olmalıdır. Amma keçən dəfə biz “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul etdik. O qədər tələblər qoyulur ki, hamısı da bilavasitə rəhbərə, rəhbərliyə münasibətdən asılı olur. Biz məmurları çox gözübağlı da etməli deyilik. Bu qədər xidməti gərginliyin yaranması yaradıcılıq, təşəbbüskarlıq, müstəqillik, o cümlədən rəhbərliyin özü ilə münasibətdə bu prinsiplərin həmin məmurun işində təsbit olunmasına əngəl törədə bilər. Mən bunu həm təklif kimi deyirəm, həm də istəyirəm, Əli müəllim aydınlıq gətirsin ki, bu niyə hər təqvim ilinin sonunda olmalıdır? Ola bilər ki, təqvim ilinin ortasında və ya təqvim ilindən bir ay əvvəl kim isə işə qəbul olunub. O zaman qiymətləndirmə necə aparılacaqdır? Bir il məsələsi nə ilə izah olunur? Xahiş edirəm, buna aydınlıq gətirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bizim dövlət qulluğu ilə bağlı son dövrdə qəbul etdiyimiz qanunlar, sənədlər, ola bilər ki, ilk baxışdan dövlət qulluqçularının fəaliyyətində bir gərginlik yaradır. Amma bu belə də olmalıdır. Çünki dövlət qulluqçusu, məmur hüquqlara malikdir, amma onun vəzifələri də var. Hər bir kəs dövlət qulluğuna qəbul olduğu və and içdiyi andan dövlətə və xalqa xidmət etməyə başlayır. Bu xidmət asan iş deyil. Bu vəzifədə müəyyən tələblərə, meyarlara cavab vermək lazımdır. Dövlət qulluqçusu kimi bu fəaliyyət növündə məşğul olmaq istəyən şəxs, təbii ki, bu sahədə qəbul edilmiş qanunlarla tanış olmalıdır. Bu, çox məsuliyyətli fəaliyyət növüdür.
Bizim etik davranış qaydaları ilə bağlı qanun, bütövlükdə dövlət qulluqçuları ilə bağlı qəbul etdiyimiz qərarlar, sonra qəbul edəcəyimiz qanunlar, əlbəttə, maraqların toqquşması ilə bağlı bütün bunlar bütövlükdə dövlət qulluğu məsələlərini tənzimləyir, orada nizam-intizamın gücləndirilməsinə xidmət edir. Dövlət qulluğunda qanunsuz halların, korrupsiya hallarının qarşısının alınmasına xidmət edən “peşəkar dövlət qulluqçusu” anlayışı hamılıqla qəbul olunur. Bu, asan deyil.
Dövlət qulluğuna gedən, bu arzuda olan hər kəs bilməlidir ki, o hansı tələblərə cavab verməlidir və işə bu cür də hazırlaşmalıdır. İllə bağlı isə onu demək olar ki, hər ilin sonunda, sadəcə, qəbul olunan bir formatdır. Misal üçün, kim isə işə qəbul olunub, beş ay fəaliyyət göstərib, ilin sonunda, sonra növbəti ilin sonunda qiymətləndirilmə həyata keçirilir. Bu, elə bir prinsipial məsələ deyil. Amma hər il dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi ümumi qəbul olunmuş prinsipdir. Misal üçün, biz hakimlərlə bağlı bunu qəbul etmişik. Orada da hər ilin sonundadır. Bunu azaltmaq da olar, yəni altı aydan bir dövlət qulluqçularının qiymətləndirilməsini həyata keçirmək də olar. Məncə, buna hələlik lüzum yoxdur, yaxud bir qədər sonra etmək olar. Bu, prinsipial bir məqam deyil, təklif belə olub ki, dövlət qulluqçularının fəaliyyəti ildə bir dəfə qiymətləndirilsin. İldə bir dəfə normaldır.
Sədrlik edən. Çox sağ olun. Başqa sual yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Konstitusiya qüvvəli bu qanunda belə bir maddə öz əksini tapır: “Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi”. Onun ikinci bəndi belə idi: “Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsait ötən maliyyə ilinə nisbətən azaldıla bilməz”.
Belə bir müddəa bizim digər qanunlarda, o cümlədən “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda da öz əksini tapıb. Maddənin fəlsəfi kökü ondan ibarətdir ki, bu, həmin orqanın müstəqil fəaliyyət göstərməsinə xidmət edir. Misal üçün, icra hakimiyyəti orqanlarında maliyyə imkanlarının, maliyyə vəsaitinin azalmasına təsir göstərən hallara yol verilməməlidir. Bunun qarşısı burada da alınır. Bu, müstəqilliyin atributlarından biridir. Baxmayaraq ki, bu qanun geniş müzakirə edilib və qəbul olunubdur. O cümlədən digər qanunlarda da bu cür anlayış var. Məncə, bu, tamamilə düzgündür, çünki faktiki olaraq illik vəsaiti ötən maliyyə ilinə nisbətən praktik baxımdan azaltmaq və ya bütövlükdə maddi-texniki təminatla, avadanlığın alınması, binanın tikilməsi və sairlə bağlı hər il eyni məbləğdə saxlamaq düz deyil. Hər il birinci dəfə ayrılmış illik vəsaitin məbləğində pul ayırmaq, bir neçə il bundan əvvəl səhv etmirəmsə, büdcə zərfi təklif olunanda da mübahisə yaratmışdı. Biz bunun əleyhinə çıxmışdıq, çünki qanun buna imkan vermirdi.
Cənab Prezident tərəfindən təqdim olunmuş yeni variant, yəni “Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari məbləğ əvvəlki maliyyə ilindən az ola bilməz” anlayışı daha dəqiqdir və icra üçün problem yaratmır. Hesab edirəm ki, təklif olunan variant maliyyə müstəqilliyində heç bir problem yaratmır, əksinə, mövcud variantı daha da dəqiqləşdirir. Xahiş edirəm, məsələyə millət vəkilləri səs versinlər.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür edirəm, hörmətli Sədr. Mənim, sadəcə, təklifim odur ki, “vəsait” sözü “məbləğ” sözü ilə əvəz olunmalıdır. Burada belədir: “müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki, yəni maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitdən az ola bilməz”. “Vəsaitindən” yox, “məbləğindən” eləmək lazımdır. Texniki səhvdir. Təkrar danışmamaq üçün, istərdim ki, bundan sonrakı iki qanun layihəsində də – “Məhkəmə-Hüquq Şurası haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara təklif olunan dəyişikliklərdə də bunu nəzərə alasınız. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əli müəllim burada kifayət qədər ətraflı izahat verdi. Mən təklif edərdim ki, burada qeyd edək ki, “mövcud inflyasiya nəzərə alınmaqla əvvəlki ildəkindən az vəsait ayrıla bilməz”. Ona görə ki, bu inflyasiya ikirəqəmli də ola bilər. İndi hal-hazırda 7, 8, 9 faiz məbləğində, yəni hökumətin etiraf etdiyi şəkildə inflyasiya var. Ona görə də əgər iki il ərzində millət vəkillərinin özünün maaşlarında bir artım olmursa, – kifayət qədər qiymətlər də qalxır və onların yaşayış tərzinə mənfi təsirini göstərir, – əgər olduğu kimi saxlanılırsa və inflyasiya nəzərə alınmırsa, əslində, elə az məbləğin ayrılması deməkdir. Ona görə də “inflyasiya nəzərə alınmaqla” sözlərini bura əlavə etsək, daha ədalətli və doğru olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki? Bu, Konstitusiya qanunu olduğu üçün, xahiş edirəm, səsvermədə diqqətli olun. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədədir. Burada bir aydınlıq gətirmək lazımdır? Eyni məsələlərdir. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İkram müəllim, Siz deyən məsələyə baxarıq. Əgər texniki qüsurdursa, düzələcək, nəzərə alınacaq. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə. Bu da eyni məsələdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, ictimai televiziya və radio yayımı bizim ölkəmizdə artıq öz yerini tutmaqda və bizim televiziya, radio, kütləvi informasiya vasitələri sistemində xüsusi rol oynamaqdadır. Bu teleradio yayımı öz üslubu ilə, – əvvəldən, yəni illər boyu bu müzakirələr getmişdi, – onlara cavab verəcək bir səviyyəyə gəlib çatmaqdadır. Buna dair xüsusi bir qanun da var: “İctimai televiziya və radio yayımı haqqında” Qanun İctimai televiziya və radionun xüsusi mövqeyini nəzərə alaraq hazırlanmışdır. Həmin qanunda belə bir təklif olunur: İctimai televiziya və radio yayımının büdcədən maliyyələşməsi üçün 23.2-ci maddədə belə bir ifadə var: “hər il artan miqdarda maliyyə vəsaiti ayrılır”. Dəyişiklikdə nəzərdə tutulur ki, “hər il müvafiq miqdarda maliyyə vəsaiti ayrılır”. Biz hamımız bilirik ki, İctimai televiziya və radio yayımının gələcəkdə nəticə etibarı ilə öz vəsaiti, imkanları hesabına işini görməsi planlaşdırılıb. Bu istiqamətdə də, təbii ki, onun təcrübəsi əmələ gəlir. Əslində, hansısa bir standartı, modeli aradan qaldırmaqdan ötrü burada maliyyə istifadəsinə nisbətən sərbəstlik verilir. Bu dəyişiklik də, hörmətli Əli müəllimin dediyi dəyişikliklərlə analoji, yəni oxşar xüsusiyyətlərə malikdir. Xahiş edirəm, bu dəyişikliyə səs verəsiniz.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, son dövrlərdə Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı ilə bağlı çox mühüm işlər görülür. Bir neçə gün əvvəl cənab Prezidentin Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı ilə bağlı xüsusi bir fərmanı da oldu. Fərmanın ruhundan irəli gələrək artıq müəyyən işlər həyata keçirilməkdədir.
Bu yaxınlarda biz “Prokurorluq haqqında” Qanuna da əlavə etdik və Respublika Prokurorluğunun nəzdində Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu yaradıldı. İnsan hüquqları üzrə müvəkkil institutu da Naxçıvan Muxtar Respublikasında artıq fəaliyyət göstərməyə başlamışdır.
Fərmanın ruhuna uyğun olaraq indi də cənab Prezident tərəfindən təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının qanunu ilə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıla bilər. Bu kollegiya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərkibinə daxildir. Hesab edirəm ki, bu, çox düzgün qəbul olunmuş qərardır. Çünki insanların hüquqlarının müdafiəsi, bütövlükdə müdafiə institutunda yaranan müəyyən texniki problemlərlə bağlı vətəndaşların narahatçılıqları ortaya çıxır. Azərbaycan Vəkillər Kollegiyasının Baş idarəsi Bakı şəhərindədir. Naxçıvan Muxtar Respublikasının qanunu ilə müstəqil Vəkillər Kollegiyasını yaratmaqla, Naxçıvan vətəndaşlarının yeri gələndə istifadə etdikləri müdafiə hüququnun təminatına xidmət etmiş olarıq. Hesab edirəm ki, bu çox yerində, vaxtında verilmiş əlavədir. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.47 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 3 komissiyada baxılıb. Söz verilir Rəbiyyət Aslanovaya.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının qanun layihəsini Milli Məclisə göndərmişdir. Həmin layihə birinci oxunuşda sizin müzakirənizə təqdim olunur.
Ümumbəşəri humanizm, insanpərvərlik ideyalarının tarixi çox qədimdir. Yazılmamış qanunlar mənəvi həyat normasına çevrilir və xalqın mənəviyyat xəzinəsini formalaşdırır. Fəaliyyəti böyük tarixi ənənələrə söykənən, milli ənənələrdən bəhrələnən, insanpərvərlik və şəfqət hissini yüksək tutan, insanlara təmənnasız yardım duyğusunu yaşadan bir təşkilatın, bir cəmiyyətin varlığının təsdiqini əks etdirən bir sənədin – bu qanun layihəsinin müzakirəyə çıxarılması zəruridir.
Təşkilatın fəaliyyətinə ən böyük qiyməti böyük öndərimiz Heydər Əliyev 2003-cü il mart ayının 12-də Qızıl Aypara Cəmiyyətinin XX qurultayına ünvanladığı təbrik məktubunda vermişdir. Müstəqillik yollarında inamla irəliləyən Azərbaycan Respublikasının ictimai həyatında qeyri-hökumət təşkilatlarının rolu getdikcə artır. Respublikamızda vətəndaş cəmiyyətinin quruculuğuna öz töhfəsini verən ictimai qurumlar arasında Qızıl Aypara Cəmiyyətinin özünəməxsus yeri var.
Əsası 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Qızıl Aypara Cəmiyyəti yarandığı vaxtdan ölkəmizin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək humanitar problemlərin həllində fəal iştirak etmişdir. Qızıl Aypara Cəmiyyəti müharibə və təbii fəlakətlərdən zərərçəkənlərə, əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə yardım etməklə insanlara maddi və mənəvi dəstək verir, həyata inam hissi aşılayır, yüksək humanizm ideyalarını gündəlik fəaliyyətində əks etdirir. Sıralarında 200 min üzvü, 2000-dən yuxarı ilk təşkilatı əhatə edən bir cəmiyyətin fəaliyyəti daim diqqət mərkəzində olmuş, ona yüksək qiymət verilmişdir.
Hörmətli həmkarlar! Müasir dünyada humanizm prinsiplərinin geniş təbliğ olunması, mənəvi intibah dövrünün yaşanması insan hüquq və azadlıqlarının əsas prinsipləridir. Azərbaycan dövləti də insanpərvərliyə, qanun və ədalətə əsaslanan, ən ali dəyər kimi insanın yaşamaq hüquqlarının təminatına xidmət edən, demokratik cəmiyyət quran ölkələrin ön sırasındadır.
Müstəqillik əldə etdikdən sonra bir əsrə yaxın yaşı olan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yeni bir dövr başlandı və bu təşkilat analoji beynəlxalq sistemin tam hüquqlu üzvü olmaq statusu qazandı.
1994-cü il noyabrın 25-də Azərbaycan Respublikası Milli Məclisinin 926 saylı qərarına əsasən Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmi olaraq tanındı və respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi fəaliyyət göstərən rəsmi təşkilat elan olundu. Milli Məclisin qərarından sonra 1995-ci il noyabrın 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tanındı. Elə həmin ayın 27-də cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul olundu.
Ümummilli lider Heydər Əliyev 2000-ci ildə cəmiyyətin 80 illik yubileyinə göndərdiyi təbrik məktubunda onun müstəqil Azərbaycanın sosial və insani problemlərinin həllində dövlətin ən yaxşı köməkçisinə çevriləcəyinə əmin olduğunu bildirmişdir. 2004-cü il yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” sərəncam imzalamışdır. Bu sərəncam Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin genişlənməsini və dünya standartlarına uyğun səviyyədə qurulmasına dövlət qayğısını ifadə edən tarixi bir sənəddir. Cənab Prezidentin Milli Məclisə təqdim etdiyi bu qanun layihəsinin müzakirəsini məhz həmin dövlət qayğısının məntiqi davamı kimi qəbul etməliyik.
Müzakirəyə təqdim olunan bugünkü qanun layihəsinin əsas xüsusiyyəti ondadır ki, Qızıl Aypara Cəmiyyətinin bütün fəaliyyəti, məqsədi və məramı bilavasitə humanizm, şəfqət və mərhəmətdir. Qanuna səs verməklə biz Azərbaycan cəmiyyətinin humanizm prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləmiş oluruq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsində ilk baxışda müxtəlif görünən iki sahə: hüquq və mənəviyyat, hüquq və əxlaq aspektləri bir araya gəlir. Doğrudan da, beynəlxalq humanitar hüququn formalaşması ilə bəşəri və milli dəyərlərin, onların hüquq müstəvisində tətbiqinin təməli qoyulmuş oldu.
Hər bir dövlətin başlıca sərvəti olan insanlara istənilən vəziyyətdə, gözlənilməyən məqamlarda, köməyə ehtiyac duyduğu anda, ən qısa müddətdə yardımçı olmağa xidmət edən bir cəmiyyətin fəaliyyətini tənzimləyən bu qanun layihəsinin əhəmiyyətini sübuta yetirməyə ehtiyac yoxdur. Yaşadığımız dünyada, əhatəmizdə müxtəlif səbəblərdən qarşıya çıxan risk, böhran və fəlakətlər ehtimalı mövcuddur. Müharibə və münaqişələrin bəşər həyatında yox olması arzuları nə qədər qədim olsa da, hələlik reallıq başqadır. Hətta insan ləyaqətinin keşikçiləri olan, ali mərama xidmət edən bu cür təşkilatların üzvləri belə oğurlanır, əsir götürülür, onların neytrallığı məsələsinə biganəlik göstərilir. Fəlakətin haqladığı, taleyi qaş ilə göz arasında həll olunan insanların harayına çatan, əzablarını azaldan, qəddarlığı cilovlayan, mənasız ölümlərin qarşısına sədd çəkən Qızıl Aypara Cəmiyyətinin xidmət etdiyi müqəddəs missiyanın əhəmiyyəti bu qanun layihəsində əks etdirilmişdir.
Yaşı bir əsri haqlayan Qızıl Aypara Cəmiyyəti haqqında qanunun qəbul edilməsini vacib edən şərtlər çoxdur. Buraya bir tərəfdən cəmiyyətin ölkədə analoqu olmayan yeganə təşkilat kimi beynəlxalq qurumlarla qlobal əlaqə şəbəkəsi açması ictimai rəydə böyük nüfuz qazanması kimi amillər, digər tərəfdən XXI əsrdə insanlara əzab gətirən yeni çeşidli fəlakətlərin ortaya çıxması kimi obyektiv zərurətlər daxildir. Nə qədər ki bəşəriyyət təbii fəlakətlərin qarşısını almaq və müharibələri qadağan etmək iqtidarında deyil, baş verən prosesləri insanların yaşam hüquqlarını xüsusi qanunla tənzimləmək lazımdır.
Qızıl Aypara Cəmiyyəti və analoji qurumlar dünyada istisna təşkil edirlər. Hər bir dövlətdə yalnız bir cəmiyyət ola bilər. Deməli, istər dünyanın, istərsə də Azərbaycan dövlətinin ən mühüm hüquqi, sosial, mənəvi, etik, humanitar tələbatlarını ödəməyə yardımçı olan bu təşkilata dövlətin qayğısı təsadüfi deyildir. Bu təşkilata ictimaiyyətin münasibəti, onun hüquqi bazası və qanuni mexanizmləri də, şübhəsiz, cəmiyyətin xidmət etdiyi müqəddəs missiyaya layiq, həm də müasir beynəlxalq humanitar hüququn tələbləri səviyyəsində olmalıdır. Çünki Azərbaycan qlobal cəmiyyətə inteqrasiya kursunu ardıcıl həyata keçirir. Qanun layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinə özünün çoxşaxəli, gərəkli fəaliyyətini dəyişən, risk ehtimalları çoxalan dünyada və dinamik hüquqi məkanda qanun qüvvəsinə əsaslanaraq qurmağa imkan verəcəkdir. Qanun layihəsi Qızıl Aypara Cəmiyyətinin hüquqi funksiyalarının, fəaliyyət istiqamətlərinin davam etdirilməsinə, dövlət dəstəyinin müəyyənləşməsinə kömək edəcəkdir. Bu sənəd, eyni zamanda, cəmiyyətin çoxsaylı üzvlərnin və könüllülər ordusunun insanlara gərəkli olan missiyasının uğurla yerinə yetirilməsini təmin edəcəkdir.
Hörmətli həmkarlar, qanun layihəsi 7 maddədən ibarətdir. Qanun layihəsi martın 28-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarının birgə iclasında Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Layihənin preambulasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətlərini və hüquqlarını, cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərin hüquqi əsaslarının bu qanunla müəyyənləşdirilməsi vurğulanır.
1-ci maddə ”Cəmiyyətin statusu” adlanır. 3 bənddən ibarət maddədə göstərilir ki, cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallardan zərərçəkən şəxslərə humanitar yardım göstərilməsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır.
2-ci maddə “Cəmiyyətin fəaliyyətinin hüquqi əsası” adlanır. Bir cəhəti xüsusi qeyd etmək istəyirəm. Qızıl Aypara Cəmiyyəti yeganə qeyri-hökumət təşkilatıdır ki, onun statusu beynəlxalq müqavilə ilə tənzimlənir. 1949-cu ildə Cenevrədə 4 Konvensiyası qəbul olunubdur. Bunlar birlikdə “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyası adlanır. Həmin Konvensiyaya Azərbaycan Respublikası 1993-cü il aprelin 21-də qoşulubdur. Cenevrə Konvensiyasına uyğun olaraq Qızıl Aypara Cəmiyyəti yalnız ona məxsus olan bir sıra hüquqlara malikdir.
Qanun layihəsinin 3-cü maddəsi həcminə görə ən böyük maddədir və 20 bənddən ibarətdir. Bu maddə “Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri” adlanır və onun çoxşaxəli fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir. Silahlı münaqişələr və təbii fəlakətlər zamanı ilk yardım dəstələri yaratmaq, yardım proqramlarını həyata keçirmək, əsir və itkin düşmüş şəxslərin beynəlxalq səviyyədə axtarışını təşkil etmək, sosial səhiyyə proqramlarını həyata keçirmək, beynəlxalq hüququn ideya prinsiplərinin təbliği üçün maarifçilik və təlim proseslərini təşkil etmək buraya aiddir. 3-cü maddənin “Azərbaycan Respublikası ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi barədə müvafiq dövlət orqanları ilə bağlı əməkdaşlıq etmək” adlanan 3.0.17-ci bəndi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində beynəlxalq təşkilatlardan fərqli, daha geniş sahələrə nüfuzuna dəlalət edir ki, bu da alqışlanmalıdır.
4-cü maddə ”Cəmiyyətin hüquqları” adlanır və 9 bənddən ibarətdir. Maddənin 1-ci bəndində deyilir ki, cəmiyyət qeyri-hökumət təşkilatları üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlara malikdir. Bu hüquqlar qanunda və cəmiyyətin nizamnaməsində müəyyənləşdirmiş məqsəd və vəzifələrin yerinə yetirilməsinə xidmət edir. Cəmiyyət öz üzvlərinin hüquq və mənafelərini müdafiə etmək, humanitar və xeyriyyə xarakterli tədbirlər keçirmək, qanunvericiliyə müvafiq hallarda müstəqil hərəkət etmək kimi hüquqlara malikdir.
Qanun layihəsinin 5-ci maddəsi cəmiyyətin beynəlxalq əməkdaşlığına aid olan məsələlərin qanuni əsaslarını müəyyən edir. Bu gün cəmiyyət artıq dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq qurmuş və bundan sonra da həmin sahədə öz fəaliyyətini davam etdirəcəkdir.
6-cı maddə “Cəmiyyətin fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi” adlanır və 7 bənddən ibarətdir. Burada göstərilir ki, beynəlxalq qurumlarda üzvlüyə görə haqq, maliyyə dəstəyi cəmiyyətin Baş qərargahı, regional mərkəzləri və ərazi komitələrində çalışan işçilərin əmək haqları dövlət büdcəsi hesabına ödənilir. Azərbaycanda fəaliyyəti və xidmət etdiyi missiya ilə yeganə təşkilat olan Qızıl Aypara Cəmiyyətinin dövlət tərəfindən maliyyələşdirilməsinin bu qanunun müzakirəsi gedişində dəstəklənəcəyinə ümid edirik. Qanunun sonuncu, 7-ci bəndi “Bu Qanunun qüvvəyə minməsi” adlanır və qanun dərc edildiyi gündən qüvvəyə minir.
Cəmiyyət apardığı fəaliyyətin məqsəd və məramına, beynəlxalq əlaqələrinə görə ölkədə xüsusi nüfuza və ehtirama malik olan, müqəddəs humanizm missiyasını gerçəkləşdirən bir təşkilatdır. Mən həmkarlarımı Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsinə (birinci oxunuşda) səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Rəbiyyət xanım, çox sağ olun, amma mən istəyirdim, bir məsələni sizin diqqətinizə çatdırım. Siz qanun layihəsini “Azərbaycan Qızıl Aypara Cəmiyyəti” kimi təqdim elədiniz, amma bizim əlimizdə olan layihədə Qırmızı Aypara Cəmiyyəti haqqında qanun layihəsindən söhbət gedir. Siz, yəqin ki, adın dəyişməsi məsələsinə də suallara cavab verərkən aydınlıq gətirərsiniz. Qanun layihəsinin müzakirəsinə keçirik. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən elə indicə Ziyafət müəllim tərəfindən qaldırılan məsələyə toxunmaq istəyirəm. Burada təqdim olunan layihədə cəmiyyətin adı “Qırmızı Aypara”dır, amma təqdimatda “Qızıl Aypara” oldu. Mən hesab edirəm ki, əslində, Azərbaycanda qanunların adlarını dilin düzgün terminləri ilə ifadə etmək olduqca vacibdir. Burada “Qırmızı Aypara” adının yazılması, hesab eləmirəm ki, doğru bir yanaşmadır. Ənənəvi yanaşmadan uzaqlaşmalıyıq. Azərbaycanda ayın, yaxud ayparanın təsviri heç zaman “qırmızı” sözü ilə ifadə olunmayıb. İkincisi, mən “qırmızı ay” ifadəsinə rast gəlməmişəm. Heç bir ədəbiyyatda, heç bir yerdə “qırmızı ay” ifadəsi işlənməyib və ayın özünün də obrazı bu cür qəbul olunmur. Bu baxımdan düşünürəm ki, qonşu Türkiyə dövlətində olan, illərlə formalaşmış “qızıl ay” sisteminə uyğun bir sistem kimi, gələcəkdə birlikdə əməkdaşlıq eləyə biləcək təşkilatlar sistemi kimi bu məsələyə baxmaq lazımdır. Burada, əslində daha doğru məna ifadə eləyən “Qızıl Aypara” termininin çəkinmədən işlədilməsi olduqca vacibdir. Həm də unutmayaq ki, Azərbaycana çətin vaxtlarında, Naxçıvanın blokadada olduğu, bir çox ağır hadisələrin baş verdiyi vaxtda “Qızıl Ay” təşkilatı tərəfindən kifayət qədər dəstək verilib. Bu adlarda uyğunluğun, yaxınlığın, məncə, ancaq faydası ola bilər. Hər iki cəmiyyətin bir-birinə ünsiyyəti, bir-birinə humanist yanaşması baxımından da istiqanlı mövqe ortaya qoyulmuş olar.
Qanun layihəsi ilə bağlı mənim ciddi iradlarım yoxdur. Beynəlxalq səviyyədə tanınmış belə bir qurumun fəaliyyəti bizim tərəfimizdən qəbul olunan qanunla tənzimlənməlidir. Büdcə vəsaiti, dövlətin dəstəyi hesabına bu institut gücləndirilməlidir. Azərbaycanda hələ nə qədər ki müharibə aparırlar, torpaqlarının çoxu işğal olunub, hərbi əsirlikdə, qaçqın şəraitində olan minlərlə insan var, belə bir şəraitdə qeyri-hökumət humanitar təşkilatların inkişaf etdirilməsi dövlətin yükünü azaldır. Burada bəzi təfsilatlar var ki, onlara gələcəkdə diqqət yetirilməlidir.
Bir məsələyə toxunmaq istəyirəm. Burada, 4-cü maddədə qeyd olunur ki, cəmiyyət qeyri-hökumət təşkilatları üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlara malikdir. 1-ci maddədə isə göstərilir ki, cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır. Artıq 1-ci maddədə təsdiq olunur ki, bu, qeyri-hökumət təşkilatıdır. Onlara şamil olunan bütün qanunvericilik buna da aiddir. Bu baxımdan bu cür qeyri-dəqiqliyin ortadan qaldırılması, hesab edirəm, vacibdir. Əsas iradlarımdan biri də səhiyyə proqramlarının həyata keçirilməsi ilə bağlıdır. “Qızıl Aypara” cəmiyyət kimi müstəqil səhiyyə proqramlarının həyata keçirilməsini ixtisasla bağlı bir məsələ olduğuna görə öz üzərinə götürə bilməz. Epidemiya, başqa məsələləri də nəzərə almaq lazımdır. Burada mütləq “müvafiq icra orqanı ilə birlikdə” sözləri qeyd olunmalıdır, çünki nə qədər güclü cəmiyyət olursa-olsun, o özü ixtisaslaşmış səhiyyə bazası yaratmaqda çətinlik çəkəcək. Hesab edirəm ki, bu düzəlişlər edilsə, qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına müsbət yanaşmaq olar. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım! Mən bəri başdan deyim ki, bu qanun layihəsi vaxtında təqdim olunmuş bir sənəddir. Bu qanun Qızıl Aypara Cəmiyyətinin bir institut kimi formalaşmasında və onun qanunvericilik bazasının yaradılmasında müstəsna rola malik olacaq. Nəzərə alaq ki, qanunvericilik bazasının yaradılmasının vacibliyi bir də ondadır ki, Azərbaycan özü bilavasitə Qızıl Aypara Cəmiyyətinin predmeti olan vəziyyətlə üz-üzə, qarşı-qarşıyadır. Onun fövqəladə hallar, təbii fəlakətlər, ərazi bütövlüyünün pozulması, məcburi köçkün və qaçqın ordusu ilə üz-üzə qalmasını nəzərə alsaq, həqiqətən də, bu gün belə təşkilata həm qanunvericilik, həm də icra orqanı səviyyəsində hərtərəfli yardımın olması, şübhəsiz, qaçılmaz faktdır.
Hörmətli Rəbiyyət xanım öz təqdimatında haqlı olaraq qeyd etdi ki, bu cür təşkilatlar beynəlxalq konvensiyalar çərçivəsində tanınır, onların fəaliyyəti bu cür dəstəklənir. Həmin konvensiyalara qoşulan ölkələrə tövsiyə edilir ki, bu təşkilatlara bilavasitə yardımçı olsunlar. Azərbaycan Respublikasının Milli Məclisi belə bir layihə ilə çıxış edir və şübhəsiz, bu, qanun kimi qəbul olunacaq.
Burada diqqəti cəlb edən bir çox məqamlar var. Mən qeyd etmək istəyirəm ki, xüsusi özünəməxsus qeyri-hökumət təşkilatı statusunda fəaliyyət göstərən həmin bu Qızıl Aypara Cəmiyyəti bir çox göstəricilərlə digərlərindən fərqlənir. O cümlədən haqlı olaraq qeyd olunur ki, bu təşkilatın fəaliyyətinə, ümumiyyətlə, dövlət tərəfindən yardım olunmalıdır. Mən o müddəaları təqdir edirəm ki, həmin təşkilatın əməkdaşları dövlət büdcəsi tərəfindən maliyyələşdiriləcəkdir. Yəni onların əmək haqları, maaşları dövlət tərəfindən ödəniləcəkdir. Əvvəllər bu təşkilatlar bir mənbə olaraq, adətən, ianə və digər könüllü yardımlar şəklində ödəmələr formasında fəaliyyət göstərirdilər. Onların bu istiqamətdə işi dövlət tərəfindən əlavə olaraq dəstəklənərsə, bu, ümumi işin xeyrinə olar. Maliyyə mənbələrindən söz açmışkən mən demək istəyirəm ki, bu layihə nə qədər mükəmməl hazırlansa da, məhz həmin maliyyə mənbələri, demək olar ki, açıq şəkildə və yaxud da müəyyən bir maddə ilə göstərilməyib. Hörmətli Rəbiyyət xanıma və Novruz müəllimə deyəcəyim təklif budur ki, burada maliyyə mənbəyi ayrıca bir bəndlə göstərilsin. Bu gün, bilirsiniz ki, qeyri-hökumət təşkilatlarına ünvanlanan bir çox maliyyə mənbələri var. Bunlardan biri ianələrdir, digərləri üzvlük haqlarıdır, gəlir gətirən fəaliyyətlə məşğul olmaq məsələləridir və sair. Cəmiyyət həmin yolla – qrantlar, dövlət tərəfindən ayrılan subsidiyalar və yaxud da müəyyən mənada sifarişlərlə əldə etdikləri gəlirləri bilavasitə Proqram və nizamnamələrinə uyğun şəkildə xərcləyə bilər. Mən xatırlayıram ki, 2000-ci ildə Ağdaşda zəlzələ olanda BMT-nin İnkişaf Proqramı ilə keçirilən Milli QHT Forumuna müraciət etdik. Onda bizə dedilər ki, bizdə olan yardımı ünvanına çatdırmağa bir təşkilat lazımdır. Biz həmin vaxt ixtisaslaşmış təşkilat tapa bilmədik. Ona görə də müəyyən sifarişlərin Aypara Cəmiyyəti vasitəsi ilə verilməsi, fövqəladə hallarda, ümumiyyətlə, hər hansı fəlakət zamanı bu təşkilatın imkanlarından tam şəkildə istifadə olunması kimi müddəaların qanunvericilikdə təsbitini tapması, mənə elə gəlir ki, vacib məsələdir və buna ehtiyac vardır.
Yeri gəlmişkən, fürsətdən istifadə edib onu da demək istəyirəm ki, bu təşkilatın maliyyə fəaliyyəti bilavasitə xeyriyyəçilik işi ilə məşğul olan qurumlardan asılıdırsa, onların dəstəyi ilə formalaşırsa, biz gələcəkdə xeyriyyəçilik fəaliyyəti ilə bağlı bir qanun layihəsinə də baxaq. Çünki bunlar paralel şəkildə işlənib hazırlanmalıdır. Belə qanun qəbul olunduqdan sonra, mənə elə gəlir ki, bu tipli təşkilatların da müəyyən mənada davamlılıq məsələsi açıq qalmaz və onların qanunvericilik səviyyəsində fəaliyyəti müsbət həllini tapa bilər. Bütövlükdə isə mən də həmkarlarıma qoşulur və hesab edirəm ki, biz bunu birinci oxunuşdan keçirə bilərik. Növbəti oxunuşlarda layihənin daha təkmil olması üçün əlavə fikirləri, təklifləri ümumiləşdirib bunu qanun şəklində qəbul etməliyik. Hər halda bu qanun layihəsinin, hesab edirəm ki, bu sahənin inkişafına xüsusi köməyi olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Qanunun müzakirəsində məlum oldu ki, cənab Prezident tərəfindən təklif olunub göndərilən Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsinin adı təkmilləşdirilmiş variantda “Qırmızı Aypara Cəmiyyəti haqqında” gedibdir. Hesab edirəm ki, “Qızıl Aypara Cəmiyyəti” daha yaxşıdır, çünki ümumi türkçülük məqsədi ilə götürəndə, siz bilirsiniz ki, Azərbaycanda son 15 ildən bəri çoxlu silahlı münaqişələr, fövqəladə hallar baş veribdir. Bu zaman Azərbaycana yardım göstərən cəmiyyətlərdən biri “Qızıl Aypara” olubdur. Eyni zamanda, düzdür, digər beynəlxalq, humanitar təşkilatlar var ki, bunlar da Azərbaycana daim yardım göstəriblər.
7 maddədən ibarət bu qanun layihəsi vaxtında irəli sürülmüş, bəlkə də bir az gecikdirilmişdir. Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün bu qanun lazımdır. Azərbaycanda çoxlu məcburi köçkünlər yaşayır, fövqəladə hadisələr baş verir. Azərbaycanın Qarabağla əlaqədar silahlı münaqişələri qurtarmayıbdır.
Mən bu qanunun vaxtında daha tez, ikinci, üçüncü oxunuşlarda da qəbul olunmasının tərəfdarıyam. Qızıl Aypara Cəmiyyəti, əlbəttə, beynəlxalq cəmiyyətlərlə əlaqəli işləyir. Bizə vacib lazımdır ki, bunu tez həll eləyək. Məsələ burasındadır ki, burada cəmiyyətin fəaliyyəti qeyri-hökumət təşkilatı kimi qeyd olunur və qanun layihəsinin hər bir maddəsində onun əsas istiqamətləri, hüquqları, fəaliyyəti prinsipi açıq şəkildə göstərilir. Cəmiyyətin əsas işi olaraq zərərçəkmiş əhaliyə yardım göstərməsi üçün vacib məsələlərdən biri ianənin yığılmasıdır. Məndən əvvəlki həmkarlarım da qeyd elədilər ki, fövqəladə hallarda beynəlxalq təşkilatların hamısı humanitar yardım göstərirlər.
Oqtay müəllim, inanın ki, bizdə bu ianələrin yığılması ağır vəziyyətdədir. Mən uzun illər bu sahədə işləmişəm. İanələrin verilməsinə görə insanları başa salmaq çətin məsələdir. Bunlar onsuz da Azərbaycan cəmiyyətində zərərçəkmiş insanlara yardım göstərirlər, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əsas iş prinsiplərini müəyyənləşdirməklə göstərmək, ianələrin yığılmasını təbliğ eləməklə öz fəaliyyətini həyata keçirə biləcək Qızıl Aypara Cəmiyyəti bizdə var. Burada ən vacib məsələlərdən birini mən də qeyd etmək istəyirəm. İanələrin yığılmaması ilə əlaqədar bu qanun layihəsində nəzərə alınıb ki, işçilərin əmək haqlarının verilməsi üçün maliyyə vəsaiti dövlət büdcəsindən ayrılsın. Əlbəttə, bu, irəli atılmış çox mühüm bir addımdır.
Azərbaycanın iqtisadiyyatı inkişaf edir, büdcəmiz ilbəil artır. Mən də hesab edirəm ki, burada çalışan işçilərin əmək haqqını vermək üçün maliyyə köməyi göstərməklə bərabər, gələcəkdə ilbəil artan büdcədən digər yardımlara da vəsait ayrılmalıdır. Bizim Qızıl Aypara Cəmiyyəti o qədər yüksək səviyyədə inkişaf eləməyib ki, xaricə, kənara çıxsın. Ancaq mən arzu edərdim ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti o qədər yüksək səviyyədə inkişaf eləsin ki, Avropadan beynəlxalq təşkilatlar, humanitar yardım təşkilatları buraya yardım etdikləri kimi, o da gedib xaricdə, yeri gəlsə, humanitar yardım məsələsinə kömək göstərsin. Çünki biz azərbaycanlıyıq, özümüzə xas mentalitetimiz var. Həmişə çalışmışıq ki, kimə isə yardım əlimizi uzadaq. Bu mənada inanıram ki, bizim Qızıl Aypara Cəmiyyəti də öz nüfuzunu beynəlxalq aləmdə yüksəldə biləcəkdir. Bu gün deputatların hamısı buna birinci oxunuşda lehinə səs verəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada bir kiçik mübahisə düşdü. Əvvəl ona bir dilçi kimi münasibət bildirim, sonra keçərik əsas məsələyə.
“Qızıl Ay”, yoxsa “Qırmızı Ay”? Sözün kökü eynidir. “Qızıl”, “qırmızı”. İkisinin də kökü “qır”, “qız” sözündəndir, yəni od rəngində deməkdir. “Aypara” yanında isə həm bunu, həm də onu işlətmək olar. Məsələn, “qırmızı aypara”, yaxud “qızıl aypara”. Hər ikisi eyni məzmunu verir, mənası “od rəngində olan ay parçası” deməkdir. Bu baxımdan da ruslar bunu “krasnıy” – “qırmızı” termini kimi, türklər isə “qızıl” sözü ilə işlədirlər. Sözlər mahiyyət, məna etibarı ilə eynidir. İndi burada ənənəvi olaraq bunu “qızıl” kimi işlətmişik.
Bu təşkilat 1920-ci ildə yaradılıbsa, o vaxtdan da adı “qızıl” kimi işlədilibsə, biz də “qızıl” kimi davam etdirək. Əgər bizə göndərilən layihədə “qırmızı” yazılıbsa, bu da nöqsan deyil. Hər hansı formada “qızıl”, yaxud “qırmızı” qəbul edilsə, heç biri səhv hesab oluna bilməz.
Məlum olduğu kimi, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti 1920-ci ildə yaradılmış və uzun illərdir ki, qeyri-hökumət təşkilatı kimi təqdirəlayiq humanitar fəaliyyət göstərir. Ötən illər ərzində artıq təşkilatın ənənələri formalaşmış, müstəqillik illərində bu missiya uğurla davam etdirilmişdir. Cəmiyyət öz doğma yurd-yuvalarından didərgin düşmüş insanları yenə də qayğı ilə əhatə etmişdir. Bu gün Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin fəaliyyətinin hüquqi tənzimlənməsinin əsaslarını müəyyənləşdirən, onun dövlət və qeyri-dövlət özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini özündə cəmləşdirən qanuna ehtiyac yaranmışdır.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti haqqında qanun layihəsi torpaqlarının 20 faizdən artıq hissəsi işğal altında olan bir ölkə üçün çox mühüm əhəmiyyətə malikdir. Çünki bu cəmiyyət Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qırmızı Aypara Cəmiyyətidir. Bildiyiniz kimi, cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədi ilə yaradılmış bu qeyri-hökumət təşkilatının məqsədi silahlı münaqişələrin qurbanlarına yardım göstərilməsi məsələləri ilə bağlı Cenevrə Konvensiyasından irəli gələn vəzifələri həyata keçirməkdən ibarətdir.
Təqdirəlayiq haldır ki, cəmiyyətin Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasında üzvlük haqqı və Beynəlxalq Qırmızı Xaç Komitəsinə maliyyə dəstəyi, eləcə də cəmiyyətin baş qərargahında, regional mərkəzlərində və ərazi komitələrində çalışan işçilərin əmək haqları dövlət büdcəsi hesabına ödənilir. Bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitin məbləği hər il Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilir. Bu qanuna görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə cəmiyyətə onun fəaliyyətinin həyata keçirilməsinə kömək göstərilməsi məqsədi ilə digər yardım formaları müəyyənləşdirilə bilər. Bu çox yaxşıdır ki, belə bir humanitar fəaliyyətlə məşğul olan cəmiyyətə kömək lazım gəldikdə dövlət bunu ondan əsirgəməyəcək.
Mən qanun layihəsi ilə yaxından tanış olmuşam. Bu sənədin Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin daha da inkişafına xidmət etdiyini, təşkilatın fəaliyyətinin hüquqi tənzimlənməsində mühüm rol oynayacağını nəzərə alaraq 7 maddədən ibarət bu layihənin tezliklə qüvvəyə minməsi üçün onun lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rauf Əliyev.
R. Əliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanunla Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri və hüquqları onun dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Layihənin 2-ci maddəsində müxtəlif vaxtlarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin adları sadalanır. Bu maddənin hüquqi normaları əhatə etmədiyini nəzərə alaraq ona bir də baxmağı təklif edirəm. Həmçinin qanun layihəsində “Cəmiyyətin məqsəd və vəzifələri” adlı maddənin öz əksini tapmasını məqsədəmüvafiq hesab edirəm. Qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və konseptual baxımdan qəbul edilə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev, Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Tarixi ənənələri, müsbət fəaliyyəti və əhali arasında yaxşı imici ilə tanınan Qızıl Aypara Cəmiyyətinin statusunu, hüquqlarını dövlət və yerli idarəetmə orqanları ilə qarşılıqlı münasibətlərinin əsaslarını tənzimləyən bu qanun layihəsini mən də olduqca lazımlı və gərəkli sayıram.
Qanun layihəsi Sosial siyasət daimi komissiyasında da müzakirə olunmuşdur və komissiya üzvlərinin yekdil fikri belə olmuşdur ki, bu sənəd birinci oxunuşun tələblərinə cavab verir. Bizim komissiya da birinci oxunuşun tələblərinə cavab verdiyini, bitkin və konseptual cəhətdən tam olduğunu nəzərə alıb onu Milli Məclisin müzakirəsinə tövsiyə etmişdir. Qanun layihəsində cəmiyyətin statusu və fəaliyyət istiqamətləri olduqca dolğun şəkildə öz əksini tapmışdır. Layihədə Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısı haqqında xüsusi müddəa vardır. Bu da cəmiyyətin fəaliyyətinin Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti üçün gərəkli olmasını təsdiq edir. Bunu Azərbaycan dövlətinin bu cəmiyyətə dəstəyinin ifadəsi kimi əhəmiyyətli saymaq olar. Qızıl Aypara Cəmiyyətinin üzvləri həmişə, həyat üçün ən təhlükəli şəraitlərdə belə bəzən öz həyatlarını riskə qoyaraq işləyən, çalışan insanlardır. Belə insanların çalışdığı bir cəmiyyətə dövlətin də, əhalinin də, ayrı-ayrı hüquqi şəxslərin də qayğısı olmalıdır.
Mən bir məsələyə toxunmaq istəyirəm. Burada məndən öncə çıxış edən deputat həmkarlarım da o barədə danışdılar. Qanun adı ilə bağlı dəqiqləşdirmənin aparılmasına, düşünürəm ki, zərurət vardır. Bəzi deputat həmkarlarım burada adın Qızıl Aypara Cəmiyyəti kimi işlədilməsini məqsədəuyğun sayırlar. Qanun layihəsində isə bu ifadə “Qırmızı Aypara Cəmiyyəti”dir. Mən qeyd etmək istəyirəm ki, 2001-ci ildə Azərbaycan Milli Məclisi “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Qanun qəbul etmişdir. Əgər biz burada cəmiyyətin adını Qızıl Aypara Cəmiyyəti şəklində işlətsək, onda gərək həmin qanuna da dəyişiklik edək. Yox, əgər biz bunu olduğu kimi saxlayacağıqsa, onda bunu, düşünürəm ki, bu şəkildə də müzakirə etmək olar. Mənim fikrim belədir ki, artıq Azərbaycanda müstəqillik illərinə qədər, Sovet hökuməti vaxtında cəmiyyətin adı “Qırmızı Aypara” kimi işlənmişdir. Ancaq müstəqillik illərindən sonra onu “Qızıl Aypara” adlandırıblar. Artıq bu ad, elə bil, bizim ictimaiyyət arasında özünə bir vətəndaşlıq hüququ qazanmışdır. Hesab edirəm ki, bunu belə qəbul etmək olar. “Qızıl Aypara Cəmiyyəti” ifadəsinin mən də tərəfdarıyam.
Sonda bir fikrimi də demək istəyirəm. Əgər Daxili Nizamnamə imkan verirsə, bu, çox lakonik bir qanun layihəsidir, maddə-maddə müzakirəsinə o qədər də ehtiyac yoxdur. Çünki çıxış edən deputatlar öz sözlərini maddələr üzrə də dedilər və deyə bilərlər. Biz qanun layihəsini birinci və ikinci oxunuşlarda qəbul edək. Bu gün deyiləcək irad və təkliflər isə hazırlansın və üçüncü oxunuşda elan olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bilirəm ki, çıxış edənlərin əksəriyyəti ad haqqında bir az çox danışacaq. “Qırmızı”, ya “Qızıl” olması barədə, mən hesab edirəm ki, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin əməkdaşları ilə danışmaq lazımdır.
Burada bəziləri, “adı “Qızıl” olsun” deyirlər. Nizami müəllim sözün kökünün mənasını açıb dedi. Türk dilində qızıl qırmızı deməkdir. Azərbaycan dilində bu, qiymətli əlvan metal olan qızılın adıdır.
Qırmızının bir başqa mənası da var. Buradan da başqa bir məsələ ortaya çıxır. Xaricdə də “krasnıy krest” – qırmızı xaç deyirlər. Qırmızı, müharibə olan yerdə qan rəngidir. Bu, sənaye ilə də bir az əlaqədardır. Qan rəngi ilə bağlı olduğu üçün o vaxt bunu “qırmızı” adlandırıblar. Mübahisə doğuran bu məfhum üzərində, gəlin, çox dayanmayaq. Mən hesab edirəm, bu, dillə əlaqədardır. Komissiyaya bir də tapşırarıq, institutlarla əlaqə saxlayarlar. Yəni burada çox böyük problem yoxdur, texniki məsələdir. Hansı düz oldu, onu qəbul edərik. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qeyd edildiyi kimi, bu məsələ İnsan hüquqları daimi komissiyası ilə yanaşı, bizim komissiyada da müzakirə olunmuşdur. Oqtay müəllim, hesab edirəm ki, tamamilə düzgün bir qərar qəbul olundu ki, komissiyalar bu ad məsələsini növbəti ikinci oxunuşa qədər müzakirə edib parlamentə yekun qərarı təqdim edərlər. Onu demək istəyirəm ki, vaxtı ilə bu sahəyə dair qəbul etdiyimiz o yeganə qanunu mən təqdim etmişdim. Onda da emblemlərlə bağlı çox geniş müzakirələr oldu. Sadəcə, səsvermədə “qırmızı” nəticəsinə gəldik. Artıq məsələ məlumdur. Biz bunu mütəxəssislərlə araşdırıb gələn dəfə gəldiyimiz son qərar formasında təqdim edərik.
Cənab Sədr, Rəbiyyət xanım layihəni çox geniş şəkildə təqdim elədi. Bu sənəd, həqiqətən, bizim iclaslarda da geniş müzakirə olunmuşdur. Hamını düşündürən bir sual vardır ki, qeyri-hökumət təşkilatıdır, amma xüsusi bir statusa malikdir. Buna ölkə Prezidentinin, dövlətin qayğısı indiyə qədər də mövcud olub. Həmin qayğı Prezident sərəncamında da öz əksini tapıbdır. Eyni zamanda, dövlətin humanitar məsələlərin davamı kimi belə bir xüsusi qanunu parlamentə təqdim etməsi çox mühüm bir hadisədir.
Sözsüz ki, bu qanun layihəsi işğalda zərərçəkən, humanitar problemləri yaranan, onları həll etməkdə özü də israrlı olan Azərbaycanın bütövlükdə humanitar, sosial məsələlərə diqqətli münasibətinin təzahürüdür. Bu baxımdan qanun layihəsi zəruridir və millət vəkillərindən buna səs verməyi xahiş edirəm.
Mən onu da bildirmək istəyirəm ki, burada müəyyən məsələlər var, onlar Nizamnamə ilə tənzimlənir. Biz gərək unutmayaq ki, bu, qeyri-hökumət təşkilatıdır, ona görə də qanunda vəzifələrlə bağlı maddə yoxdur. Yəni dövlət hər hansı bir qeyri-hökumət təşkilatı qarşısında vəzifələr qoya bilməz. Hesab edirəm ki, öz statusuna uyğun olduğuna görə bu qanun layihəsi çox qısa və konkretdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bağışlayın, hər halda bu ad məsələsi ilə bağlı istəyirəm, öz fikrimi bildirim. Bunun “qızıl” adlanmasının bir səbəbi də var. Səhv eləmirəmsə, 1920-ci ildə bu cəmiyyət yarananda adı “Qızıl Ay” olub. Yəni buna bir daha baxmaq, məsələni araşdırarkən diqqət yetirmək lazımdır. Məncə, Azərbaycanın müstəqil dövlətçiliyinin ilkin dövründə necə olubsa, indi də o şəkildə qalması məqsədəuyğundur.
Mən “Qızıl Ay” adını təsadüfi demədim. “Aypara” sözündəndirsə, “ay” daha yaxşıdır. Səhv eləmirəmsə, Türkiyədə “Qızıl Ay” gedir. Bizim bayrağımızda da bu emblem var. Biz ona “aypara” yox, “ay” deyirik. Ona görə bu, texniki məsələ kimi görünsə də, hər halda bizim mühüm dövlət, milli atributlarla bağlı olan rəmzi məsələdir.
İkinci, qanun layihəsi ilə bağlı məsələyə toxunmaq istəyirəm. Bizdə həmişə, təəssüf ki, hansı cəhətdənsə, Qırmızı Xaç Cəmiyyətinin fəaliyyəti daha çox görünür. Bu, Azərbaycan üçün açıq gözəçarpan ictimai qüsurdur. Biz uzun müddətdən bəri mövcud olmasına baxmayaraq, Qırmızı Aypara Cəmiyyətini kifayət qədər tanıda bilmirik.
Burada, yəqin ki, bizim Qırmızı (ya Qızıl) Aypara Cəmiyyətinin hörmətli nümayəndələri iştirak edirlər. Onlar mütləq nəzərə almalıdırlar ki, cəmiyyət, – Azərbaycan üçün çox nöqsanlı haldır ki, – daha çox Qırmızı Xaç kimi tanınır. Bunun bir səbəbi də odur ki, bizim bu cəmiyyət heç vaxt milli, dövlət orqanı kimi fəaliyyət göstərməyibdir, həmişə qeyri-hökumət təşkilatı hesab olunubdur.
Bizə keçmiş sovet dövründə orta məktəbdə oxuyanda, yəqin, xatırlayırıq, markalar verilirdi. Biz onlara haqq ödəyirdik və şagirdlik dövründə belə cəmiyyətlərin üzvü olurduq. Sovet dövründə mövcud olan həmin təşkilatlar, əslində, çox böyük beynəlxalq hərəkatı təmsil edirdi və böyük təsir qüvvəsinə, hüquqi bazaya malik idilər. Bu baxımdan, şübhəsiz, beynəlxalq statusa uyğun olaraq bizim milli Qırmızı (və ya Qızıl) Aypara Cəmiyyəti də elə bir səviyyəyə çatmağa nail olmalıdır.
Mən bunu öz həyatımda da görmüşəm. Təklif də olacaq ki, cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri hissəsinə bu məsələ aid edilsin. Məsələn, biz 2003-cü ildə təcridxanada olarkən Beynəlxalq Xaç Cəmiyyətinin çox güclü köməyini hiss eləmişik. Fakt budur ki, təcridxana şəraitinə düşmüş insanların ağır vəziyyətinin aradan qaldırılması, hüquqlarının bərpası üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin buradakı nümayəndələri olduqca böyük fədakarlıq nümayiş etdirdilər. Onlar təcridxanalarda xəstəliklərlə bağlı müayinə və müalicə tədbirləri sahəsində xeyli iş gördülər. Bu hərəkatın tərkib hissəsi olan bizim milli Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlarını isə orada görmürdük və yardımlarını da hiss etmirdik. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Nizamnaməsinə uyğun olaraq bu məsələlərlə bağlı müddəa qanun layihəsində öz əksini tapmalıdır. Cəmiyyətin fəaliyyətini canlandırmaq üçün dövlət orqanları tərəfindən ona yardım göstərilməsi təmin olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T. Rzayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, mən xatırlatmaq istəyirəm ki, bizə paylanmış sənədlərdə Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsi yazılıb. Ola bilsin ki, həmkarlarımın bəzilərində bu yoxdur. Demək istəyirəm ki, Qızıl Aypara Cəmiyyəti haqqında qanunun qəbul edilməsi müharibə şəraitində yaşadığımız üçün daha çox vacibdir. Burada çıxış edənlər də dedilər ki, Qızıl Aypara Cəmiyyəti müharibələr, təbii fəlakətlər, silahlı münaqişələr zəminində formalaşıb təkmilləşmiş bir təşkilatdır.
Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin qanunla tənzimlənməsi, bu sahədə beynəlxalq əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün çox önəmlidir. 87 ildən artıq fəaliyyət dövrü keçən, qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən bu təşkilatdan həmişə ümumbəşəri, humanist xidmətlər görmüşük. Bu təşkilat həmişə təmiz niyyətlə xalqın xidmətində olub, heç vaxt siyasi qalmaqala, siyasi oyunlara qoşulmayıbdır. Ona görə də belə bir qanunun qəbul olunması çox vacibdir. Mən elə bilirəm ki, Qızıl Aypara Cəmiyyətinə maliyyə dəstəyinin göstərilməsini yalnız dövlətin üzərinə atmaq olmaz. Bu, təkcə dövlətin vəzifəsi olmamalıdır. Bizim büdcəmiz ildən-ilə artır, iqtisadi vəziyyətimiz yaxşılaşır və dövlət də cəmiyyətə maliyyə dəstəyini daim yüksəltməlidir. Ancaq bununla yanaşı, cəmiyyətə yerli özünüidarə orqanları, digər qeyri-hökumət təşkilatları, o cümlədən hər bir şəxs kömək göstərməlidir. Qanun layihəsi yığcam hazırlanıb, birinci oxunuşun tələblərinə cavab verir. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İndi də, gəlin, bizim həmkarımız olan Novruzəli Aslanova söz verək, qoy cəmiyyət adından çıxış eləsin. Bu çıxışdan sonra səsvermə keçirərik. Buyurun.
N. Aslanov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, bu gün bizim üçün, şəxsən Aypara Cəmiyyəti üçün tarixi bir hadisə ilə əlamətdardır. Çünki 87 illik fəaliyyətə malik olan bir cəmiyyət haqqında ilk dəfə olaraq qanun layihəsi müzakirəyə çıxarılıbdır. Bizim üçün çox sevindirici bir haldır ki, bu qanun layihəsi bizim möhtərəm Prezidentimiz, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü cənab İlham Əliyev tərəfindən imzalanmış və Milli Məclisə təqdim olunmuşdur. Əvvəlcə mən millət vəkillərinə bu tarixi hadisənin bir neçə əlamətini çatdırmaq, bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. 1994-cü ildə parlamentin bu binasında millət vəkilləri Qızıl Aypara Cəmiyyətinin rəsmən dövlət tərəfindən tanınması barədə qərar qəbul etdilər. Bu, bizim ulu öndərimiz, milli liderimiz Heydər Əliyevin Qızıl Aypara Cəmiyyətinə olan qayğısının bir təzahürü idi. O vaxt belə bir qərar qəbul olunanda cəmiyyətin adı “Qızıl Aypara” idi.
Burada hörmətli həmkarımız Pənah müəllim tamamilə düzgün qeyd etdi ki, məhz ilk dəfə bu cəmiyyət “Qızıl Aypara” adı ilə tanınıbdır. Ancaq Cəmiyyət bu adı uzun müddət daşımağa nail olmayıbdır. Çünki Sovet hökuməti dövründə “Qırmızı Xaç və Qırmızı Aypara” adını alıbdır. Bundan sonra cəmiyyət müstəqil fəaliyyət göstərə bilməyibdir. 1991-ci ildə dövlətimiz öz müstəqilliyini elan edəndən sonra təşkilat yenidən beynəlxalq aləmdə Qızıl Aypara Cəmiyyəti kimi qəbul olunubdur.
Mən əsas tarixi hadisəni burada xatırlatmaq istəyirəm. Ümumiyyətlə, bizim Qızıl Aypara yarananda Türkiyə dövləti tərəfindən layihə təqdim olunmuş, 1919-cu ildə Qızıl Xaç və Qızıl Aypara hərəkatı adlandırılmışdır. Diqqətinizi bir məsələyə də yönəltmək istəyirəm. Türkdilli dövlətlərdə fəaliyyət göstərən bu cəmiyyətlərin adları, demək olar ki, eynidir. Türkiyədə “Qızıl Ay”, Özbəkistanda “Yarım Qızıl Ay”, Türkmənistanda “Qızıl Yarım Ay”, Qazaxıstanda “Qızıl Ay”, Qırğızıstanda “Ulu Türk Qızıl Ay” adlanır. Beləliklə, türkdilli dövlətlərin hamısında cəmiyyət “Qızıl Ay” adlanır. Bizim təşkilat da bütün beynəlxalq aləmdə uzun müddətdir ki, (1991-ci ildən) məhz Qızıl Aypara Cəmiyyəti kimi tanınır.
Qanun layihəsinin qəbul olunmasının bir məqsədi var: yaranan təşkilata kömək göstərmək, dəstək olmaq. Çünki bu cəmiyyət öz missiyasını həyata keçirməlidir. Siz təsəvvürünüzə gətirin, bizim ştamplarımız, möhürlərimiz, 83 rayon komitəmiz, 200 mindən yuxarı üzvümüz, 15 minə yaxın könüllülərimiz var. Kiçik bir sözün dəyişilməsi bizim milli cəmiyyətə maliyyə cəhətdən nə qədər zərər gətirə, beynəlxalq aləmdə problemlər yarada bilər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX qurultayında ulu öndərimiz Heydər Əliyev təşkilata Qızıl Aypara Cəmiyyəti kimi müraciət edibdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də 2004-cü il yanvarın 13-də Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması ilə əlaqədar müvafiq sərəncamı məhz “Qızıl Aypara Cəmiyyəti haqqında” adlandırıbdır.
Hörmətli millət vəkilləri, bizə göndərilən bu qanun layihəsində açıq-aşkar belə yazılır: “Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirənizə təqdim edilir”. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bizə olan tövsiyəsidir ki, kiçik bir texniki anlaşılmazlığı aradan götürək. Çünki doğrudan da, “qızıl” sözü türk dilində elə “qırmızı” mənasını daşıyır. Hörmətli Nizami müəllim də bu barədə dedi.
Mən ümid edirəm və inanıram ki, bu məsələ ikinci oxunuşda düzgün həllini tapacaqdır. 2001-ci ildə qəbul olunmuş “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Qanunda müvafiq düzəlişlər etməklə bu prosesi biz tamamilə aradan götürə bilərik. Çünki 2001-ci ildə, yadımdadır, məsələ burada müzakirə olunanda, əfsuslar olsun ki, bizim cəmiyyətdən iclasa heç kim dəvət olunmamış və onların fikirləri burada eşidilməmişdir. O vaxt mən hörmətli Ziyafət müəllimlə, Əli müəllimlə bu barədə əlaqə saxladım. Onlar məni yaxşı başa düşdülər. Əfsuslar olsun ki, onlar bu işə kömək edə bilmədilər. O zaman bizim rəyimiz nəzərə alınmadan həmin qanun qəbul olundu. Məncə, burada elə bir problem yoxdur, biz o sözü düzəldə bilərik.
Mən bir neçə həmkarımın burada qaldırdığı məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Hörmətli Pənah müəllim burada maraqlı bir məsələ qaldırdı. O, adları da Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və Qızıl Aypara Cəmiyyəti kimi dedi. Bunları çox vaxt çaşdırırlar. Mən istəyirəm, burada əyləşən millət vəkillərinə bir məlumatı bildirim. Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qızıl Aypara Cəmiyyəti və Aypara Federasiyası, o cümlədən milli cəmiyyətlər bir hərəkatın tərkib hissələridir. Bu tərkib hissələrində bu hərəkatın üç qolundan hər birinin müvafiq missiyası var.
1997-ci ildə Sevilya şəhərində bu hərəkatın tərkib hissələri qərara gəliblər ki, kimlər hansı missiyanı həyata keçirəcəklər. Hər bir dövlətdə yalnız bir milli Qızıl Xaç, ya da ki, Qırmızı Aypara Cəmiyyəti ola bilər. Onların da missiyası 1997-ci ildə Sevilya razılaşmasına uyğun olaraq müəyyənləşdirilibdir. O cümlədən ölkədə iztirab içində yaşayan insanlara yardım etmək, fövqəladə hallar zamanı ilkin yardım, tibbi xidmət göstərmək, tibb bacılarından ibarət könüllülər dəstəsi yaratmaq və sair. Qırmızı Xaç Komitəsinə aid missiyadır. Hörmətli Pənah bəy də onu qeyd etdi. Bəli, onlar vərəmli xəstələrə, o cümlədən əsir olanlara mandatla yardım edirlər. O missiya onlara aiddir.
Bizim Qızıl Aypara Cəmiyyəti dustaqxanalara gedə bilməz, çünki bizim mandatımız ona uyğun deyil. Bizim orada olmamağımız o demək deyil ki, Qızıl Aypara Cəmiyyəti bu fəaliyyəti bilə-bilə etmir. Sadəcə, bizim bu hərəkatın fəaliyyətini Qırmızı Xaç Komitəsi görür. Hərbi əsirlərlə, Qarabağ münaqişəsi zamanı əsir düşənlərlə ancaq Qırmızı Xaç Komitəsi məşğul olur. Biz isə İkinci dünya müharibəsi və Birinci dünya müharibəsində itkin və girov götürülmüşlərin axtarışı ilə məşğul ola bilərik. Beynəlxalq Qırmızı Xaç və Aypara Federasiyası isə ümumiyyətlə, dünyada baş verən texnogen və təbii fəlakətlərlə bağlı yardım etmək, milli cəmiyyətlərə dəstək durmaq və onların təşkilatı cəhətdən inkişafına xidmət etmək vəzifələrini yerinə yetirir. Mən fürsətdən istifadə edib bütün millət vəkillərinə gözəl təkliflər verdiklərinə görə minnətdarlığımı bildirirəm. Xüsusi ilə Azay Quliyev çox yaxşı təklif etdi ki, milli cəmiyyətin maliyyə mənbələri göstərilməlidir. Bilirsiniz ki, bizim maliyyə mənbələri, əsasən, üzvlük haqlarından, o cümlədən ianələrdən, beynəlxalq təşkilatların yardımlarından toplanır. Bu gün bizim dövlətimiz həmişə olduğu kimi, bizə yardımçı olub maliyyə dəstəyi göstərəcəkdir. Bu maliyyə dəstəyi az da olsa, 2004-cü ildən bəri başlayıbdır. Bunun problemləri də az deyil.
Oqtay müəllim, bilirsiniz ki, buna qədər beynəlxalq qurumlar, çoxlu donorlar var idi və onlar bizim Qızıl Aypara Cəmiyyətində müvafiq layihələr həyata keçirirdilər. Əfsuslar olsun ki, bu gün 15 donor ölkədən, 2000-ci ildən bu günədək ancaq Norveç Qızıl Xaç Komitəsi bizə yardım və kömək göstərir. Onlar da qısa formatlı layihələrdir. Göründüyü kimi, bizim Qızıl Aypara Cəmiyyəti böyük bir problemlərlə üzləşibdir. Çox gözəl mütəxəssislərimiz, yaxşı işçilərimiz, yaxşı könüllülərimiz var. Neft şirkətlərinin nümayəndələrindən razıyıq. Onlar, demək olar ki, bizi izləməklə məşğuldurlar. Onlar bizim kadrlara yaxşı məvacib, yaxşı vəsait verərək öz şirkətlərinə dəvət edirlər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət tərəfindən qayğı və dəstək nəticəsində biz bu potensialı qoruyub saxlaya biləcəyik.
Milli cəmiyyətimiz öz missiyasını bundan sonra da layiqincə həyata keçirəcəkdir. Dövlət tərəfindən ayrılan vəsaitin bir neçə dəfə artımı sayəsində biz öz missiyamızı həyata keçirərkən müvafiq proqramlar işləyəcək, camaata, dövlətimizə bundan sonra da şərəflə xidmət edəcəyik. Mən ümid edir və inanıram ki, bütün burada verilən təkliflər nəzərə alınacaqdır.
Bir daha sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Birinci növbədə sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bugünkü tarixi hadisə təkcə Aypara Cəmiyyəti üçün yox, Azərbaycan Respublikası Milli Məclisi üçün, həm də möhtərəm millət vəkilləri, sizin üçündür. Zaman, vaxt gələcək, siz ahıl yaşına çatanda, yaşlılaşanda öz nəvələriniz, nəticələriniz yanında olanda, televiziyaya baxanda fərəh hissi keçirəcəksiniz. Aypara Cəmiyyətinin fəaliyyətini görərkən öz nəvələrinizə deyə biləcəksiniz ki, bəli, bu qanunun qəbul olunmasına ilk dəfə məhz biz səs vermişik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dövlət, həqiqətən, Qırmızı Aypara Cəmiyyətinə dəstək verib. Azay Quliyev çox yaxşı təklif verdi, İanələr haqqında qanun layihəsi üzərində işləməliyik. Cəmiyyət, əsasən, ianələr üzərində qurulmalıdır. Biz bu qanunu qəbul edəndə bu məsələlər bir növ həllini tapacaq. Mən də hesab edirəm ki, qanun layihəsi birinci oxunuşda konseptual cəhətdən hazırdır. Təklif olundu ki, qanun layihəsini səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.46 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
İclasımız sona çatdı. Qalan 3 məsələ ayın 13-də keçirilən iclasda müzakirə olunacaq. Sağ olun.
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 48
Milli Məclisin iclas salonu.
13 aprel 2007-ci il. Saat 12.
Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
R. Həşimov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri.
Ş. Yusifov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Samux rayonu Sərkar bələdiyyəsinin sədri.
Ə. Axundov, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri.
Z. Cəfərov, Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri.
F. Əhmədov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri.
* * *
S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
N. Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
M. Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qərargah rəisi.
B. Bağırov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsi rəisinin müavini.
V. Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri.
A. İbrahimov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və hərbi hazırlıq şöbəsinin müdiri.
Ə. Tağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin sektor müdiri.
* * *
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankı Hüquq Departamentinin müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
3. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 aprel 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 101
Yetərsay 83
Çox sağ olun, yetərsay var. Gündəlikdə 3 məsələmiz qalıb. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə söz verilir. Buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli deputatlar! Bələdiyyələrin səlahiyyətləri barədə müddəalar Azərbaycan Respublikasının bir sıra qanunlarında əks etdirilib. Bu baxımdan, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasını, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə əraziləri və torpaqları haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunları göstərmək olar. Hazırda bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: yerli vergiləri və ödənişləri müəyyən etmək, bələdiyyə mülkiyyətində olan vəsaitdən istifadə barədə sərəncam vermək, yerli sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf və ekoloji proqramları qəbul və icra etmək.
Bununla belə, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin I hissəsinin 2-ci bəndində nəzərdə tutulur ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər verilə bilər. Bələdiyyələrə verilən səlahiyyətlər onlara geniş miqyasda fəaliyyət göstərməyə, yerli məsələlərin həllində aparıcı qüvvə kimi çıxış etməyə imkan yaradır. Bu gün bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində, kommunal xidmətlərin həyata keçirilməsində, küçə və parkların yaşıllaşdırılmasında, abadlaşdırılmasında, yerli yolların qaydaya salınmasında, vətəndaşları narahat edən bir çox problemlərin aradan qaldırılmasında, imkansızlara müəyyən maddi köməkliyin edilməsində fəallığı artırırlar.
Milli Məclis tərəfindən Əmək Məcəlləsinə edilmiş düzəlişə görə ilk dəfə olaraq ailə-kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini, əmək stajını təsdiq edən sənədi vermək səlahiyyəti bələdiyyələrə həvalə edilmişdir. Göründüyü kimi, bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün xeyli səlahiyyətləri vardır. Lakin bütün bunlara baxmayaraq, cəmiyyətdə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi məsələsi fəal müzakirə predmeti olaraq qalır. Ən başlıcası ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi, onların geri alınması və səlahiyyətlərdən imtina qaydaları əks etdirilməyib. Müzakirənizə təqdim edilmiş Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi qanunvericilikdə olan bu boşluğu aradan qaldırmaq məqsədi ilə hazırlanmışdır.
Qanun layihəsində bələdiyyələrə verilə bilən səlahiyyətlər dəqiqləşdirilir. Bələdiyyələrə dövlət mülkiyyətində olan obyektlərin idarə olunması, yaşayış fondu, qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektlərinin istismarı, təhsil, mədəniyyət, səhiyyə, idman, bədən tərbiyəsi sahələrinin idarə və inkişaf etdirilməsi, bələdiyyə ərazisində yerləşən tarixi-mədəniyyət abidələrinin, park və bağların, qəbiristanlıqların abadlaşdırılması, gigiyena və sanitariya-epidemiologiya tədbirlərinin həyata keçirilməsinin təşkili, habelə sanitariya və gigiyena normalarına riayət olunmasının təmin edilməsi, bu sahələrə müvafiq nəzarətin həyata keçirilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı bu və digər səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Şübhəsiz ki, bu həcmdə geniş səlahiyyətləri verərkən, bələdiyyələrin onları öz üzərinə götürmək və icra etmək imkanları nəzərə alınmalıdır.
Səlahiyyətlərin bələdiyyələrə tədricən verilməsi, bu işdə müəyyən ardıcıllığın olması və maraqların toqquşması nəticəsində yarana bilən özbaşınalığın aradan götürülməsi məqsədi ilə layihədə nəzərdə tutulur ki, bələdiyyələrə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış proqram əsasında veriləcəkdir. Qanun layihəsində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi və onların geri götürülməsi qaydaları, əlavə səlahiyyətlərin maliyyə təminatı, səlahiyyətlərin icrasında yaranan mübahisələrin həlli mexanizmi və səlahiyyətlərin verilməsi ilə əlaqədar digər məsələlər tənzimlənir.
Qanun layihəsində Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında və digər beynəlxalq aktlarda göstərilən prinsiplər öz əksini tapmış, bələdiyyələrin bugünkü fəaliyyəti, onların imkanlarının və inkişaf səviyyələrinin müxtəlifliyi nəzərə alınmışdır. Layihə işçi qrupunda və komissiyanın iclaslarında Bələdiyyələrin Milli Assosiasiyasının rəhbərlərinin və təcrübəli bələdiyyə sədrlərinin iştirakı ilə müzakirə edilmişdir. Komissiya hesab edir ki, bələdiyyələrə yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə səlahiyyətlərin verilməsi və həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasını müəyyən edən bu qanun layihəsi birinci oxunuşda konseptual baxımdan müzakirəyə hazırdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli sualını versin, sonra müzakirəyə başlayaq.
İ. Əkbərli. Oqtay müəllim, mənim sualım yoxdur. Mənim adım tabloda birinci yazıldı, sonra da pozuldu.
Sədrlik edən. Yəqin, əliniz dəydi. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Hesab edirəm, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan üçün fövqəladə dərəcədə vacib bir sənəddir, ona görə ki, idarəetmənin təşkilati quruluşunun əsaslı surətdə təkmilləşdirilməsinin hüquqi təməlini əks etdirir. Eyni zamanda, yerli özünüidarənin bələdiyyələrə məxsus olması Azərbaycanın Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında açıq-aydın göstərilib. Digər tərəfdən, bilavasitə beynəlxalq təcrübə sübut eləyir ki, yuxarıdan idarəetmə sistemi ilə müqayisədə aşağıdan idarəetmə sistemi daha səmərəlidir, əhalinin bilavasitə tələbatının ödənilməsinə və onun qayğılarının həyata keçirilməsinə daha həssasdır. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, bələdiyyələrin rolunun artırılması böyük əhəmiyyət kəsb edir.
Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair qanunu mən bütövlükdə çox mütərəqqi və vacib hesab edirəm. Fikrimcə, konseptual nöqteyi-nəzərdən prinsiplər düzgün qurulub. Bu qanun layihəsinin ən müsbət cəhəti bilavasitə idarəetmənin təşkilati quruluşu təkmilləşən zaman bələdiyyələrin rolunun artmasındadır. Eyni zamanda, qanunun xeyli dərəcədə yığcam xarakter daşıması da onun üstünlüklərindəndir. Bələdiyyələrin rolunun artırılması məsələsi isə, ümumiyyətlə, mütərəqqi bir hadisədir. Bu 3 üstünlük qanun layihəsinin məziyyətlərini ifadə edir.
Çatışmayan cəhəti də qeyd edərdim. Bu qanun layihəsinin konsepsiyası düz olsa da, burada qoyulan məqamlar bir az qətilikdən uzaqdır. Burada məsələlərin qoyuluşu o formada olmamalı idi. “Verə bilər”, “ala bilər” yazılış tərzi ilə bağlı deyim ki, o səlahiyyətləri “verməyə bilər” kimi də qiymətləndirmək olar. Ona görə də bu qanunun konseptual şəkildə təhlil olunmasına, fikir toqquşmasından çıxan müsbət məqamları nəzərə almaqla təkmilləşdirilməsinə böyük ehtiyac var.
Birinci məqam ondan ibarətdir ki, biz əgər, doğrudan da, bələdiyyələrin səlahiyyətlərini artırmaqdan danışırıqsa, onda bir suala cavab verməliyik. Biz hansı modelə gedirik? Əgər klassik modelə gediriksə, dünya praktikasında klassik modelin əsas istiqamətləri artıq məlumdur. Bu da inkişaf etmiş ölkələrdə öz əksini tapır. Yəni dövlət bilavasitə dövlətin, vətəndaşların təhlükəsizliyini qoruyur, vergiləri toplayır, dövlət idarəetmə və tənzimləmə funksiyalarını yerinə yetirir, eləcə də, ölkədə hüququn aliliyini və ədalətliliyin bərqərar olmasını təmin edir. Qalan məsələlər isə yerli xarakterlidir. Xidmətlə bağlı işlər isə 3 quruma – bələdiyyələrə, hüquqi və fiziki şəxslərə verilir. Amma bu qanun layihəsində həmin klassik model görünmür. Klassik model əsasında konsepsiya formalaşmalıdır və qanunun ilk maddəsində göstərildiyi kimi, proqram hazırlanmalıdır. Proqramda mövcud və arzu olunan vəziyyət, nail olma yolları özünü göstərməlidir. Onun hüquqi, maliyyə təminatı və təşkilati tədbirləri öz əksini tapmalıdır. Əgər bu sənədlər hazır olsa idi və onların əsas prinsipləri burada öz əksini tapsaydı, bu qanun layihəsi daha təkmil olardı, bilavasitə səlahiyyətlərin bələdiyyələrə verilməsinin əsas cəhətlərini birmənalı şəkildə ifadə eləyərdi.
İkinci, qanun layihəsi yığcam olsa da, burada elə maddələr var ki, onların mövcudluğu bir sıra qarışıqlıq yaradacaq. Xahiş edirəm, diqqət eləyin, 6-cı – “Səlahiyyətlərinin həyata keçirilməsinin tənzimlənməsi” və 7-ci – “Komissiyanın səlahiyyətləri” və sair maddələr bir sıra qarışıqlıq yaradacaq. Azərbaycan reallığından çıxış eləyəndə səlahiyyətlərin verilməsi və səlahiyyətlər veriləndən sonra onların alınması, hesab edirəm, xeyli dərəcədə əlavə problemlərin yaranmasına gətirib çıxara bilər. Səlahiyyətlər verilirsə, o burada birmənalı şəkildə öz əksini tapmalıdır. Fundamental bir islahat həyata keçirilməklə, sözün həqiqi mənasında, bələdiyyələrin yerli idarəetmədə rolu artırılmalıdır.
Qanunda “verə bilər” kimi ifadələri aradan qaldırmaqdan ötrü bura bir maddənin əlavə olunmasına ehtiyac var. “Verə bilər”, “ala bilər” ifadələri birmənalı şəkildə kənara qoyulmalıdır, qanunda necədirsə, elə olmalıdır. Bunun əvəzinə isə 10-cu maddə kimi keçid müddəaları ortaya çıxa bilər ki, həmin keçid müddəalarında məhz mərhələlilik prinsipi öz əksini tapmış olar.
Qanunun 11-ci maddəsi də olmalıdır. Bütün qanunlarda yazılır ki, nə vaxtdan qüvvəyə minir. Bu qanunda həmin maddə yoxdur. Qanunun dərc edildiyi gündən qüvvəyə minməsi barədə bir maddənin olmasını da məqsədəuyğun hesab edirəm.
Qanunun qəbul edilməsi məsələnin yarısıdır. Onun necə işləməsi isə ikinci bir məsələdir. Əgər biz bu qanunun yaxşı işləməsini təmin etmək istəyiriksə, iki sənədə – “Bələdiyyələrin statusu haqqında” Qanuna və “Yerli icra hakimiyyətlərinin statusuna dair” Əsasnaməyə əsaslı dəyişikliklər etməliyik. Ona görə ki, bələdiyyələr haqqında 20-yə qədər qanun qəbul edilib, bələdiyyələrə bir sıra mühüm vəzifələr tapşırılıb. Amma “Yerli icra hakimiyyətinin statusuna dair” Əsasnamədə bələdiyyələrə aid olan funksiyaların çoxunu icra hakimiyyətləri alıb. Bu nöqteyi-nəzərdən əgər biz bu qanunun işləməsini istəyiriksə, məhz bələdiyyələrlə yerli icra hakimiyyətinin statusunun, onların səlahiyyət hədlərinin müəyyənləşdirilməsi kontekstində qanunvericiliyə birmənalı şəkildə əlavə müddəalar salınmalı və digər qanunlarda da bu, nəzərə alınmalıdır.
Arif müəllim düzgün qeyd elədi, bu məsələ başqa qanunlarla müqayisədə daha çox maraqların toqquşması ilə bağlı məqamları özündə əks etdirdiyinə görə, məhz bu qanunda maraqların toqquşmasının necə aradan qaldırılması məsələsinin də öz əksini tapması işin xeyrinə olar. Mən heç bir dəyişiklik edilmədən bu qanunun qəbul edilməsinin tərəfdarıyam. Fundamental islahatların, idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi mexanizmi vasitəsi ilə yerli özünüidarənin əhəmiyyətinin artırılmasına yönəldiyinə görə bunu mütərəqqi qanun hesab edirəm. Amma qeyd olunanlar nəzərə alınmaqla qanunun təkmilləşdirilərək ikinci oxunuşa çıxarılması ümumi işin xeyrinə olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi, əlbəttə, müsbət haldır. Hər şeydən əvvəl, bu, Azərbaycan Respublikasında idarəetmənin təşkilati formalarının təkmilləşdirilməsi istiqamətində atılan ən müsbət addımlardan biridir. Milli Məclisin əksər iclaslarında, xüsusən də bələdiyyələr və torpaq islahatı ilə bağlı verilən hesabatlarda millət vəkilləri bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinin həmişə tərəfdarı olublar və öz mövqelərini bildiriblər. Mən də elə hesab edirəm ki, bu gün Milli Məclisin müzakirəsinə verilmiş bu qanun layihəsi, həqiqətən, çox vacibdir, lazımlıdır və qəbul edilməlidir.
Qanun layihəsi ilə əlaqədar olaraq bir sıra məsələlərə münasibətimi bildirmək istəyirəm. Birincisi, Əli müəllim bəzi məsələləri qeyd elədi, mən də hesab edirəm ki, qanun layihəsi konseptual cəhətdən qəbul oluna bilər. Amma burada mübahisə doğuran çox məsələ var. O məsələlər, mənə elə gəlir ki, aradan qaldırılmalıdır.
Birinci, bütün səlahiyyətlərin verilməsi məsələsinə toxunmaq istərdim. O səlahiyyətlər yerli icra hakimiyyəti orqanlarının razılığı ilə verilə bilər. Bilirik ki, heç bir orqan – istər dövlət olsun, istərsə də qeyri-dövlət öz səlahiyyətini başqa quruma vermək istəməz və istəmir də. Çox mübahisəli məsələlər ola bilər. Ona görə qanun layihəsində bu məsələlər konkret şəkildə öz həllini tapmalıdır. Əgər səlahiyyətlərin verilməsi ilə əlaqədar müəyyən proqram təsdiq olunacaqsa, orada hansı səlahiyyətlərin nə vaxt bələdiyyələrə verilməsi konkret olaraq öz əksini tapmalıdır.
Digər bir tərəfdən, mən deyərdim ki, 2-ci maddədə icra hakimiyyəti orqanlarının 80-85 faiz səlahiyyətləri faktiki olaraq bələdiyyələrə verilib. Mən, əlbəttə, bunun tərəfdarıyam. Amma birdən-birə bu səlahiyyətlərin hamısının bələdiyyələrə verilməsi və bu işlərin icrası, maliyyəsi, təşkili, əlbəttə, sual doğuran məsələlərdir.
Bayaq qeyd olundu, ən ciddi məsələ ikitərəfli razılığın əldə olunmasıdır. Burada göstərilir ki, xüsusi komissiya yaradılır və həmin komissiyanın üzvləri həm bələdiyyəni, həm də icra hakimiyyəti orqanlarını təmsil edir. Biri səlahiyyət verən, o biri isə səlahiyyət tələb edən orqandır. Mənə elə gəlir ki, bunlar heç vaxt yuxarının müdaxiləsi olmadan ümumi razılığa gələ bilməzlər. Mən belə hesab edirəm ki, burada ən real olanı məhkəmə yolunu saxlamaqdır. Əgər proqram təsdiq olunursa, onu yuxarı təşkilat təsdiq edirsə, proqrama uyğun olaraq da səlahiyyətlər verilməlidir. O səlahiyyətlərə uyğun olaraq da bələdiyyələrə tam şəkildə maliyyə təminatı verilməlidir. Burada, mənə elə gəlir ki, o səlahiyyətlər verilməkdən imtina edilirsə, o, yalnız məhkəmə yolu ilə həll olunmalıdır.
Ümumi götürüldükdə qeyd eləmək istəyirəm ki, bu qanun layihəsi bu gün Azərbaycanın iqtisadiyyatı, xüsusi ilə də yerli icra hakimiyyəti orqanlarının işləməsi, əhalinin müəyyən məsələlərinin həlli üçün olduqca vacibdir və lazımdır. Ən ciddi məsələlərdən biri də bələdiyyələrin maliyyə təminatıdır. Bilirsiniz, səlahiyyətlər bələdiyyələrə verilə, proqram da təsdiq oluna bilər, amma onun maliyyə təminatı olmayacaqsa, o səlahiyyətləri faktiki olaraq idarə eləmək mümkün deyil. Yəni verilən səlahiyyətlər həddindən artıq çoxdur. Ona görə də maliyyənin verilməsi də çox ciddi məsələdir. Mən keçən dəfə bu barədə Əli müəllimə demişəm. Deməli, səlahiyyətlər verilə bilər, mümkündür. Biz qanun qəbul edirik. Ya bu səlahiyyətlər verilməlidir, ya da verilməməlidir. Biz bu qanunu olduğu kimi qəbul eləyə bilsək, bu səlahiyyətlərin verilməsi çox uzun müddət aparacaq. Çünki icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında mübahisələr uzanacaq, səlahiyyətlər verilməyəcək və bələdiyyələrin işi də bununla əlaqədar ləngiyəcək. Mən hesab edirəm ki, bu qanun layihəsini konseptual cəhətdən qəbul etmək olar, amma üzərində işləmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də öz həmkarlarımın fikirlərinə qoşularaq bildirmək istəyirəm ki, bu gün müzakirəmizə təqdim olunmuş qanun layihəsi, bir az obrazlı desək, yerli idarəçilik sistemində inqilabi dəyişikliyə gətirib çıxaran bir sənəddir. Həqiqətən də, Azərbaycan Respublikasında gedən vətəndaş cəmiyyəti quruculuğu, əks-mərkəzləşmə prosesinin sürətlənməsi, yerli özünüidarəetmənin səlahiyyətlərinin və vəzifələrinin artırılması baxımından bu layihə müstəsna və fövqəladə təsirə malikdir. Bu baxımdan mən sevincimi həmkarlarımla bölüşmək istəyirəm ki, nəhayət, uzun müddət aparılan müzakirələr və diskussiyalardan sonra belə bir layihə bizə təqdim olunubdur. Bununla yanaşı, hesab edirəm ki, bu gün bizi cəmiyyət olaraq, Milli Məclis olaraq, bələdiyyə təsisatının təmsilçisi olaraq bir məsələ düşündürməlidir. Bu səlahiyyətlər necə verilməlidir? Ümumiyyətlə, bu səlahiyyətlərin verilməsi zamanı konkret olaraq hansı prioritetlər tətbiq olunmalıdır? Ümumiyyətlə, bu gün Azərbaycanda bələdiyyə sektoru bu səlahiyyətləri tam şəkildə qəbul etməyə hazırdırmı? Təbii ki, bu kimi suallar, mənə elə gəlir ki, birmənalı şəkildə hamımızı düşündürməlidir və yəqin ki, qanunun icrasında da biz bunun şahidi olacağıq.
Hörmətli millət vəkilləri, mən istərdim, bir neçə ümumi məsələyə toxunam, bəzi təkliflərimi sizinlə bölüşəm. Bugünkü bələdiyyələrin imkanlarına, onların mənsub olduğu infrastruktura, kadrlara və onların bilik və bacarığına toxunmaq istəyirəm. Müvafiq qurumlardan, hörmətli Arif Rəhimzadədən soruşmaq istəyirəm ki, bir neçə bələdiyyəni çıxmaq şərti ilə Azərbaycanda bələdiyyə sektoru təhsillə, səhiyyə ilə, mədəniyyətlə, nəqliyyatla bağlı olan problemləri öz üzərinə götürməyə, o səlahiyyətləri həyata keçirməyə hazırdırmı? Mən bir daha vurğulamaq istəyirəm ki, mən bunun tərəfdarıyam, bu çox böyük bir hadisədir, biz bu gün səlahiyyətləri icra hakimiyyətindən alıb bələdiyyələrə veririk. Mənə elə gəlir ki, səsləndirdiyim suala aydınlıq gətirməliyik. Bunun üçün isə düşünürəm ki, yaxşı olardı, bir qrup yaradılsın, bələdiyyələrin hazırkı vəziyyətinin monitorinqi aparılsın. Şəxsən mənim üçün qaranlıqdır ki, bütün Azərbaycanın rayonlarında, kəndlərində əhali, ümumiyyətlə, bələdiyyələrin fəaliyyətindən nə qədər razıdır? Onların həyata keçirdiyi sosial proqramlar əhalinin qayğılarını və ehtiyaclarını nə qədər qarşılayır? Mənə elə gəlir ki, bu suallara aydınlıq gətirmək üçün belə bir monitorinqə, həqiqətən də, ehtiyac var.
Qanun layihəsinin 3.1-ci maddəsində icra hakimiyyətlərinin öz səlahiyyətlərini könüllü olaraq müqavilə əsasında bələdiyyələrə verməsi əks olunub. Mən bilmirəm, bu zalda əyləşən elə bir şəxs varmı ki, buna tam şəkildə inansın? Ona görə də burada müəyyən mənada konkretliyə ehtiyac var. Mən əvvəlki fikrimə qayıtmaq istəyirəm ki, bu gün bələdiyyələr bunu tam şəkildə qəbul etməyə hazır deyilsə, onda yaxşı olardı, ilkin olaraq keçid dövrü üçün pilot olaraq müəyyən səlahiyyətləri dəqiqləşdirək və mərkəzləşdirilmiş qaydada bələdiyyələrə verə bilək. Əks təqdirdə məndə belə şübhə var ki, həmin səlahiyyətlər ya tam şəkildə verilməyəcək, ya da bu məsələ komissiyanın daimi mübahisə predmetinə çevriləcəkdir. Beləliklə, biz nəzərdə tutduğumuz hədəfə tam və doğru şəkildə gedə bilməyəcəyik. Ona görə də mənə belə gəlir ki, 3.1-ci maddəni konkretləşdirsək, daha yaxşı olardı.
5-ci maddədə bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin maliyyə təminatı ilə bağlı fikir əks olunur. 5.2-ci maddədə göstərilir ki, razılaşma əsasında bələdiyyələr onlara verilən əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitini tələb etməyə də bilər. Bu, yenə də açıq qalır. Bu gün elə bir bələdiyyə varmı ki, öz imkanları hesabına bu cür böyük, mühüm səlahiyyətləri həyata keçirə bilsin və müəyyən mənada maliyyə təminatı istəməsin. Düzdür, deyilə bilər ki, bu, indi sərbəst şəkildə bələdiyyələrin öz imkanlarına buraxılır, ola bilsin, gələcəkdə imkanlar artsın. Təbii ki, mən də bu məntiqi qəbul edirəm. Amma eyni zamanda, düşünürəm ki, bu gün qanunu biz qəbul ediriksə, onda burada konkret olaraq reallığa söykənən, Azərbaycanın imkanlarına bilavasitə cavab verən müddəalar əks edilsə, daha yaxşı olar. Mən düşünürəm ki, bu gün heç bir bələdiyyə təhsillə, səhiyyə ilə, mədəniyyətlə bağlı məsələləri öz daxili imkanları hesabına həll edə bilməz. Bunun üçün dövlət vəsaiti gərəkdir. Təbii ki, əgər bu səlahiyyət verilirsə, o, birmənalı şəkildə bələdiyyə strukturlarına verilməlidir.
Bir daha bildirirəm ki, bu, doğrudan da, çox mühüm layihədir. Bu qanunun qəbulu yerli özünüidarə təsisatlarının formalaşdırılmasına çox böyük bir təkan olacaq, Azərbaycanda bələdiyyə sisteminin beynəlxalq standartlara cavab verməsinə öz töhfəsini verəcəkdir. Mən çox arzu edərdim ki, bu qanun qəbul edildikdən sonra icrası müvəffəqiyyətlə həyata keçirilsin və nəhayət, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bələdiyyələrin fəaliyyəti, rolu açıq şəkildə hiss olunsun və cari məsələlər, kommunal xarakterli problemlər yerli idarəetmə orqanları tərəfindən həyata keçirilsin. Mən bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə səs verəcəyəm və həmkarlarımı da layihəni dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün, həqiqətən də, çox maraqlı bir mövzu ilə bağlı müzakirə aparırıq. Adətən, qanun yaradıcılığı bir istiqamətdə getməlidir. Bu da ondan ibarətdir ki, qanun cəmiyyətdə olan real münasibətləri tənzimləməlidir. Amma biz də ikili xarakterli qanunlar qəbul edirik. Bunlara birinci, real ictimai münasibətləri tənzimləyən, ikincisi isə Avropa qurumları ilə olan münasibətlərimizi tənzimləyən qanunlar daxildir. Təbii ki, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun Azərbaycanda real ictimai münasibətlərin tənzimlənməsinə xidmət edən qanun kimi qəbul edilə bilməz. Bu, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının tələblərinə əsasən qəbul olunur, amma hər bir halda biz gələcəkdə bunun işlək bir qanuna çevrilməsi üçün düşünməliyik.
Ümumiyyətlə, belə bir qanunun qəbul olunmasına zərurət varmı? Bu nə dərəcədə Konstitusiyaya uyğundur? Mən istəyirəm ki, birinci buna münasibət bildirəm. Konstitusiyanın 144-cü maddəsində göstərilir ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri vəsait də ayrılmalıdır. Burada söhbət gələcəkdə müvafiq icra hakimiyyətinin verdiyi səlahiyyətlərdən gedir. Gələcəkdə qanunverici orqan da səlahiyyətlərinin bəzilərini bələdiyyələrə verəcəksə, biz yenidənmi bələdiyyələrə əlavə səlahiyyətlər verilməsi haqqında qanun qəbul etməliyik? Halbuki mövcud qanunvericilik var. “Bələdiyyələrin statusu haqqında” Qanun var. Onlara düzəlişlər etməklə biz burada nəzərdə tutulan bir sıra müddəaları orada əks etdirə bilərik. Qanunun özünün də konsepsiyasında elə müddəalar var ki, Konstitusiyanın müddəalarına ziddir. Yəni burada göstərilir ki, maliyyə vəsaiti ayrılmalıdır, amma qanun da verilir ki, bu vəsaiti ayırmaqdan imtina da edə bilər. Bu da gələcəkdə açıq-aşkar korrupsiyaya yol açan bir amildir. Məsələn, icra hakimiyyətləri Azərbaycan sayağı tender formasında göstərə bilərlər ki, mən o bələdiyyəyə bunu verirəm, o məndən maliyyə vəsaiti istəməyəcək. Vəssalam. Bununla da, əslində, imkanı çatan bələdiyyələr, demək olar ki, kənarda qalacaqlar.
Ona görə də mən belə bir qanun layihəsinin səs çoxluğu ilə qəbul edilməsini məqsədəuyğun hesab etmirəm. Yox, əgər qəbul edəcəyiksə, onda heç olmasa, qanunverici orqan tərəfindən də bələdiyyələrə veriləcək əlavə səlahiyyətləri birlikdə həll etmək daha məqsədəuyğun olardı. Yalnız icra hakimiyyəti orqanı tərəfindən verilən səlahiyyəti burada əks etdiririk ki, bu da yarımçıq olur. Hesab edirəm ki, bu qanunu indi qəbul eləmək heç bir mənada doğru olmayacaqdır.
Digər tərəfdən, Konstitusiyada bələdiyyələrin anlayışı verilib. Göstərilir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması sayılır. İndi, tutaq ki, müvafiq icra orqanı Səbail rayonunda yerləşən əmlakı və yaxud da müəssisəni verməlidir. Amma Səbail rayonunun bunu göstərməyə imkanı olmadığı üçün onu Sabunçu rayonuna verəcək. Bu, ciddi bir qarışıqlıq yaradacaq. Ona görə də bu qanun o vaxt qəbul oluna bilər ki, bələdiyyə strukturunda ciddi islahatlar həyata keçirilsin. Yəni ikili idarəetmə sistemi aradan qalxsın. Mütləq Bakı böyük şəhər bələdiyyəsi yaradılmalıdır ki, bir çox ərazi mübahisələri ona verilən səlahiyyətlər çərçivəsində həll olunsun. Hesab edirəm ki, ərazi məsələlərində ciddi problemlər yaranacaqdır.
Sonra, burada müvafiq icra hakimiyyətinin proqramından söhbət gedir. Bu proqramda hansı konkret səlahiyyətlərin verilməsi məsələsi nəzərdə tutulacaqdır? Bunun özü də bir anlaşılmazlıqdır. Bu proqramın səmərəli olması üçün hansı mexanizm düşünülüb ki, həqiqətən, bu səlahiyyətlərin icra hakimiyyətindən alınıb bələdiyyələrə verilməsi daha faydalı olacaq. Bələdiyyələrin durumu bəllidir, onlar özlərini dolandıra, öz vergilərini yığa bilmirlər. Belə bir vəziyyətdə bu səlahiyyətlərin verilməsi, sadəcə, şəxsi münasibətlərin daha böyük rol oynamasına səbəb olacaqdır.
Burada digər ciddi məsələlərdən biri də qanunvericiliyə uyğun olaraq verilə bilən digər səlahiyyətlərlə bağlıdır. Qanunvericiliyə uyğun olaraq verilə bilən digər səlahiyyətlər nə deməkdir? Qanunda bu səlahiyyətlərin verilməsi ilə bağlı müddəalar bir-bir göstərilməlidir. Əgər burada bir boşluq saxlanılırsa, bu, yenə də ortaya ciddi nöqsanların çıxmasına səbəb olacaqdır. Bu qanunda səlahiyyətlərin dəqiq sferası öz əksini tapmalıdır.
Burada komissiyaların yaradılmasından söhbət gedir. Biz MSK paritet əsaslarla formalaşdırılmalıdır deyəndə, hakim partiyanın təmsilçiləri qeyd edirlər ki, belə olmaz. Amma bu qanunda gələcək mübahisələrə əsas vermək üçün paritet əsaslı komissiya yaradırıq. Orada hər orqanın 5 təmsilçisi iştirak edir. Burada hansı qərar qəbul oluna bilər? Hər kəsin öz marağı var, ona görə heç qərar qəbul edilməyəcək. Gələcəkdə bu cür mübahisələrə yol aça biləcək maddələrin qanunda saxlanılması heç bir halda məqsədəuyğun deyil.
5.4-cü maddədə də belə bir hal nəzərdə tutulub. Deməli, bu səlahiyyətlər verildikdən sonra, bələdiyyələr onu icra edə bilmədikdə onun yenidən geri alınması saxlanılır. Sonra da 1 ay ərzində bələdiyyələr bu barədə müvafiq icra orqanına məlumat verirlər. Bu o deməkdir ki, kimsə səhv qərarla, yaxud ölçüb-biçmədən bələdiyyəyə müvafiq sənədləri verə bilər və sabah da münasibətlər pozuldusa, bunu geri ala bilər. Burada da ciddi bir məsuliyyət mexanizmi nəzərdə tutulmalıdır ki, artıq hər hansı əhvali-ruhiyyə əsasında qəbul olunan qərarlara yol verilməsin. Bunlar bələdiyyənin büdcəsi, imkanları dəqiq nəzərə alınmaqla verilsin ki, sonradan hər hansı bir şəkildə bunun geri qaytarılması, ya da ondan imtina edilməsi proseduru genişlənməsin.
Ümumiyyətlə, mən hesab edirəm ki, bu qanunun qəbul olunması tezdir. Bunun bünövrəsi yoxdur və onun olması üçün də bir neçə məsələ öz həllini tapmalıdır. Birinci növbədə Bakı şəhər böyük bələdiyyəsinin yaradılması məsələsi çözülməlidir. Ola bilsin, rayonlarda bu mexanizm işləyəcək, çünki onlar balacadır. Bir icra hakimiyyəti, bir də bələdiyyə var. Amma görürsünüzmü, Bakı şəhərinin rayonlar arasında ərazi bölgüsündə, adi torpaq məsələsində nə qədər mübahisələr düşür. Sabunçu rayonu ilə Abşeron rayonu, Abşeron rayonu ilə Suraxanı rayonu arasında ciddi mübahisələr var. Bu, gələcəkdə mübahisələrin daha da genişlənməsinə səbəb ola bilər. Məncə, biz indi daha çox düşünməliyik ki, statistika naminə qanunların sayını artırmayaq. Bələdiyyələrlə bağlı qanunvericilikdə olan müddəalara bu səlahiyyətləri də əlavə eləməklə, qanunun qəbul edilməsi, məncə, daha məqsədəuyğun ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan müstəqil, dünyəvi, inkişaf etmiş dövlətlərə inteqrasiya edən ölkələr sırasındadır, ona görə də idarəetmədə yeni qurum olan bələdiyyələr inkişaf etdirilməlidir. Bu baxımdan ölkədə bələdiyyə təsisatını təkmilləşdirmək və inkişaf etdirmək məqsədi ilə Milli Məclisə Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi təqdim olunmuşdur. Bu, çox vacib qanun layihəsidir.
Mən də bəzi məqamlara öz münasibətimi bildirmək istəyirəm. 2-ci maddədə bələdiyyələr üçün çox geniş səlahiyyətlər və iş həcmi nəzərdə tutulmuşdur. Qanun layihəsinin 1.1-ci maddəsində yazılır ki, icra strukturları göstərilən səlahiyyətlərdən istədiyini bələdiyyələrə verə bilər. Belə çıxır ki, verməyə də bilər. Hesab edirəm ki, bu, bir növ bələdiyyələri icra strukturundan asılı vəziyyətə salır. Əgər icra hakimiyyəti orqanları göstərilən səlahiyyətlərin hamısını bələdiyyələrə verərsə, onda böyük təcrübəsi olmayan bələdiyyələr bu qədər səlahiyyətlərin və iş həcminin öhdəsindən gələ bilməyəcəklər. Məsələnin öz aralarında həll edilməsinə icazə verilərsə, burada narazılıqlar və məsələyə müxtəlif cür yanaşmalar olacaqdır. Ona görə belə hesab edirəm ki, ilk müddətə göstərilən səlahiyyətlərin bir hissəsi bələdiyyələrə verilsin. Qalan səlahiyyətlər də müəyyən vaxt keçdikdən sonra, yəni hissə-hissə, qanunda vaxtaşırı dəyişikliklər edilməklə bələdiyyələrə verilərsə, daha yaxşı olardı. Qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımı da bu sənədə müsbət səsverməyə çağırıram Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi ilə əlaqədar mən də öz fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəlcə deyim ki, bu cür qanunların qəbul edilməsi yerli demokratiyanın inkişafı nöqteyi-nəzərindən olduqca vacibdir. Çünki bələdiyyələr bizdə yeni, gənc institutdur. Ona görə də gənc demokratik dövlətlər üçün bu cür təsisatın formalaşması nöqteyi-nəzərindən bu qanunların böyük əhəmiyyəti var.
Vaxtınızı çox almamaq üçün mən konkret məsələlərə keçirəm. Burada həmkarlarımın əksəriyyəti tərəfindən belə bir fikir səsləndi ki, bu səlahiyyətlər verilə bilər, verilməyə də bilər və niyə hamısı verilmir? İstəyirəm, bu qəbildən olan məsələlərə aydınlıq gətirəm. Bu “verilə bilər” anlayışı bizim bir çox qanunlarımızda var. Özü də təkcə bələdiyyələrlə bağlı qanunvericilik aktlarında deyil, hətta Cinayət Məcəlləsində, Mülki Məcəllədə və digər qanunvericilik aktlarında bu var və belə də olmalıdır. Hüquqşünaslıqda qəbul olunmuş məsələdir, yer var ki, orada imperativ norma olmalıdır, yer var, orada dispozitiv və ya alternativ normalar olmalıdır. Fikir versəniz, hətta Cinayət Məcəlləsinin özündə bir dənə mütləq müəyyən sanksiya tapa bilməzsiniz. Orada hamısı nisbi müəyyən sanksiyalardır. Misal üçün, 3 ildən 5 ilə qədər, 5 ildən 8 ilə qədər göstərilir. Yəni məhkəmə cəzanı müəyyən edəndə məhkumun şəxsiyyəti, müəyyən işə təsiri ilə bağlı məsələlər nəzərə alınmalıdır.
“Verilə bilər” anlayışı Konstitusiyanın özündən gəlir. Konstitusiyamızın 144-cü maddəsində yazılıb ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər verilə bilər. Nə üçün “verilə bilər” yazılır, amma “verməlidir” ifadəsi yoxdur? Burada ikinci bir məsələ meydana çıxır. Çıxış edən həmkarlarımın çıxışlarında da müəyyən ziddiyyətli məqamlar var. Bir tərəfdən deyirsiniz ki, niyə “verilə bilər” yazılır, “verilməlidir” yazılmalıdır. Digər tərəfdən də deyirsiniz ki, bələdiyyələr bu səlahiyyətləri həzm etməyə hazırdırmı? Bu cür sualların qarşısını almaq üçün biz birinci növbədə yerli idarəetmə orqanları ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyətləri dəqiq müəyyən etməliyik. Bizdə icra hakimiyyəti orqanı yerli idarəetmə, bələdiyyələr isə yerli özünüidarəetmə orqanıdır. Ona görə çalışmaq lazımdır, bu qanunda dəqiq bölgü aparılsın və bələdiyyələrlə bağlı bu məsələlər daha problem yaratmasın. Çox təəssüf ki, biz istəsək də, istəməsək də, bizdə belə problemlər var.
Hesab edirəm ki, bələdiyyələrin hələ formalaşma prosesinin getdiyi bir dövrdə konkret olaraq filan səlahiyyətlərin bələdiyyələrə verilməsini yazmaq düzgün deyil. Niyə? Çünki biz sabah həmin bələdiyyə ona verilən səlahiyyətin öhdəsindən gələ bilmədiyi halda hansı vəziyyətə düşəcəyik? Ona görə müəyyən sınaq dövrü olmalıdır. Müəyyən səlahiyyətlər burada nəzərdə tutulub. Biz bələdiyyələrə 6-7 il zaman verək, görək, bu sınaq dövründə o səlahiyyətlər necə icra olunur. Yəni “verilə bilər” anlayışı icra hakimiyyətinə o şəraiti yaradır ki, sabah o səlahiyyəti verəndə və bələdiyyələr həmin səlahiyyəti icra edə bilməyəndə artıq onu geri almaq imkanı olsun. Yoxsa səlahiyyəti verək, sonra da başlı-başına buraxaq? Bu da düzgün olmaz. Əgər sübut olunsa ki, doğrudan da, həmin səlahiyyətlərin öhdəsindən yüksək səviyyədə gəlirlər, onda bu məsələyə nöqtə qoymaq olar.
Burada digər səlahiyyətlər məsələsi də meydana çıxdı. Hesab edirəm ki, bu da yerində olan məsələdir. Biz dövlət olaraq, cəmiyyət olaraq, xalq olaraq inkişaf edirik. Kim təminat verə bilər ki, 2 ildən sonra yerlərdə meydana çıxa biləcək məsələləri bələdiyyələrin səlahiyyətinə verməyəcəyik? Biz onu bu gün görməyə bilərik, amma 2 ildən sonra o məsələlər meydana çıxa bilər. Ona görə də həmişə qanunda gələcək üçün nəzərdə tutulan normaların olması olduqca vacibdir.
Fazil Mustafayev burada komissiyalar məsələsinə toxundu. Mən tamamilə bu fikirlə razıyam. Arif müəllim, bəlkə də buna baxmaq olar, bu komissiyaların paritet əsaslarla yaradılması sonradan, doğrudan da, müəyyən problemlər yarada bilər. Çox şadam ki, həmkarım Fazil Mustafayev, nəhayət, müxalifət nümayəndəsi olaraq təsdiq elədi ki, MSK-nı paritet əsaslarla tərtib etmək olmaz. Fazil bəy, görürsünüz, komissiyanı paritet əsaslarla tərtib edəndə bu cür problemlər yaranır. Düz deyirsiniz, mən Sizinlə razıyam. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi müvafiq icra hakimiyyəti tərəfindən hazırlanmış proqram əsasında bələdiyyələrə veriləcək səlahiyyətlərin və onların icrası qaydasının həyata keçirilməsi üçün vacib bir sənəddir. Əlbəttə, bu qanun həmin ərazidə yerli əhəmiyyətli məsələlərin səmərəli və vaxtında həlli üçün böyük rol oynayacaqdır. Bələdiyyələrə dövlət mülkiyyətində olan obyektlərin, yaşayış binalarının, yerli infrastruktur obyektlərin, ictimai nəqliyyat və təsərrüfat yollarının istismarı və idarə olunması, təhsil, mədəniyyət, idman müəssisələrinin inkişaf etdirilməsi və qanunvericiliyə uyğun digər səlahiyyətlərin verilməsi ölkəmiz üçün yeni olan bələdiyyə qurumlarının inkişaf və formalaşmasına şərait yaradacaqdır. Bununla bərabər, yerlərdə ortaya çıxacaq problemlərin həlli istiqamətində bələdiyyələr daha çevik addımlar atacaqlar.
Bu səlahiyyətlər bələdiyyələrə müvafiq icra hakimiyyəti orqanı ilə ikitərəfli müqavilə əsasında veriləcəkdir. Burada həmkarlarım da qeyd etdilər, həqiqətən, çox böyük səlahiyyətlərin verilməsi bugünkü bələdiyyə qurumlarında çətinliklər yaradacaqdır. Eyni zamanda, qanun layihəsində göstərilir ki, bələdiyyələrin bu səlahiyyətləri həyata keçirməsi üçün müvafiq icra hakimiyyəti orqanı maliyyə vəsaiti də ayıra bilər. Mən istəyirəm ki, burada ortaya çıxacaq bəzi məsələlərə öz fikrimi bildirim. Bu çox çətin olacaq. Çünki yerlərdə bu səlahiyyətlərin icra orqanlarından alınıb bələdiyyə orqanlarına verilməsi böyük mübahisələrə, yazışmalara səbəb olacaqdır.
2-ci maddədə göstərilir ki, bələdiyyələrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən səlahiyyətlər verilir. Bu gün o, bələdiyyələrə verilsə, inanın ki, icra orqanları ilə bələdiyyələr arasında kəskin mübahisələr yaranacaq. Prezidentin İcra Aparatına, bizim Milli Məclisə, Nazirlər Kabinetinə qədər yazışmalar olacaq və bunun qarşısını almaq qeyri-mümkün olacaq. Bu səlahiyyətlər bələdiyyələrə verilsə, Ədliyyə Nazirliyinin VVAQ orqanı nə işlə məşğul olacaq? Bu məsələlər bir az çətinlik törədir.
Layihənin 5-ci maddəsində göstərilir ki, razılaşma əsasında bələdiyyələrə veriləcək səlahiyyətlərin icrası üçün maliyyə vəsaiti ayrıla bilər. İstəsələr, bələdiyyələr həmin maliyyə vəsaitini götürməyə də bilərlər. İnanın ki, bu, qeyri-mümkündür. Dövlət büdcəsindən ayrılan vəsait bələdiyyələrə verilməyəcək? Oqtay müəllim, onda bu, korrupsiyaya yol açacaq. Başqa cür ola bilməz. Əgər təhsil müəssisəsinə büdcədən vəsait ayrılıbsa, bu, bələdiyyələrə verilməlidir. Əgər verilməyəcəksə, sonda biz başqa halların şahidi olacağıq. Hamıya məlumdur ki, bələdiyyələr əllərində geniş səlahiyyət olmadığı üçün yerlərdə vergiləri yığa bilmirlər, maliyyə vəsaiti sarıdan çox çətinlik çəkirlər.
Mən keçən həftə, Oqtay müəllim, Kürdəmir rayonunun 15 bələdiyyəsinin ərazisində olmuşam və seçicilərlə görüş keçirmişəm. Onların xahişi budur ki, dövlət büdcəsindən onlara müəyyən vəsait ayrılsın. Biz bilirik ki, may ayında büdcəyə yenidən baxacağıq. Oqtay müəllim, Sizdən xahiş edirəm ki, büdcəyə yenidən baxılanda bələdiyyələrə, heç olmasa, müəyyən köməklik edək ki, onlar yerlərdə iş görə bilsinlər. Mən Sizdən xahiş edirəm ki, nüfuzunuzdan istifadə edərək bu işdə bələdiyyələrə köməklik göstərəsiniz.
Hesab edirəm ki, bu qanunu konseptual baxımdan qəbul etmək olar. Ancaq bunun üzərində çox işləmək lazımdır ki, ortalığa yaxşı bir qanun çıxsın. İnanıram ki, bu qanun qüvvəyə mindikdən sonra yerlərdə bələdiyyələr öz işlərini daha səmərəli quracaqlar, bu gün ölkəmizdə aparılan abadlıq, quruculuq işlərinə təkan verəcəklər və nəticədə həmin ərazidə yaşayan əhalinin mənafeyinə daha yaxşı xidmət edəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi günün tələblərindən irəli gəlir. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsi, yerli sosial-iqtisadi məsələlərin həllində onların rolunun artması, əhalinin bu orqanlara daha mühüm tələblərlə yanaşması belə bir zərurəti meydana çıxarır. Digər tərəfdən, Azərbaycan dövləti ölkədə demokratiyanın və vətəndaş cəmiyyəti quruculuğunun bir forması olan bələdiyyələrin inkişafında maraqlıdır və özünüidarəetmənin genişlənməsinə də mühüm əhəmiyyət verir.
Azərbaycanda bələdiyyələrə fəaliyyətsiz bir orqan kimi qiymət verənlərin fikri ilə heç cür razılaşmaq olmaz. Əgər bu gün yerli özünüidarəetmə orqanlarında 50 minə yaxın bələdiyyə üzvü, qulluqçusu və işçisi fəaliyyət göstərirsə, bələdiyyələrin həyata keçirdiyi tədbirlərə – abadlıq, tikinti-quraşdırma, xeyriyyə işlərinə 10 minlərlə insan cəlb olunursa və onlara əmək haqqı verilirsə, belə bir orqanı fəaliyyətsiz adlandırmaq məntiqə uyğun deyil. Respublikada öz işini səmərəli quran, yaxşı işlər görən bələdiyyələr çoxdur. Etiraf etmək lazımdır ki, bu gün regionlarda, eləcə də, şəhərlərin özlərində küçələrin təmizlənməsi, məişət tullantılarının toplanması, daşınması, yaşıllıqların suvarılması, qorunması, yerli əhəmiyyətli yolların təmiri, bir çox kommunal xidmətlərin göstərilməsi bələdiyyələrin üzərinə düşür. Onlar bu işlərin müəyyən hissəsini həyata keçirirlər. Ancaq bu vəzifələrin səlahiyyətlərinin həyata keçirilməsi qanunla tənzimlənmir və bələdiyyələrə bununla əlaqədar heç bir vəsait ayrılmır.
Bu gün icra hakimiyyəti orqanlarının səlahiyyətlərində bir çox obyektlər – qeyri-yaşayış, xidmət binaları, kiçik emal müəssisələri, tədarük xidmət bazaları var ki, onlar uzun müddətdir idarə olunmurlar, məhv olub gedirlər. Elə bilirəm ki, bu binalardan və əmlakdan bələdiyyələr əhalinin tələb və ehtiyaclarının dolğun ödənilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin səmərəli həlli üçün istifadə edə bilərlər. Ona görə də bu qanunda göstərilən müəyyən səlahiyyətlərin bələdiyyələrə verilməsi məqsədəuyğundur və bələdiyyələrin gələcək inkişafı üçün əhəmiyyətlidir.
Bələdiyyələrə səlahiyyətlərin verilməsi vacib olduğu kimi, bələdiyyələr də onlara verilmiş səlahiyyətlərdən qanunauyğun istifadə etməyə borcludurlar. Təəssüflər olsun, bu gün elə bələdiyyələr var ki, çox vaxt səlahiyyət həddini aşır, qanunları pozur, əhalinin tələb və ehtiyaclarına məhəl qoymur, özbaşınalıq edirlər. Bəzi bələdiyyələr qanunlara, hüquqi normativ aktlara deyil, kiminsə verdiyi sərəncama, tapşırığa əsaslanırlar. Belə hallar bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsində, torpaqların qiymətləndirilməsində, bələdiyyə büdcəsinin tərtib olunmasında və istifadə edilməsində özünü göstərir. Bələdiyyələr öz səlahiyyətlərindən istifadə edib onların fəaliyyətinə mane olan halların aradan qaldırılmasına lazımi təşəbbüs göstərmirlər. Məsələn, bu gün bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərin hansı qaydada hesablanıb alınması barədə bələdiyyələr müfəssəl biliyə, normativ hüquqi sənədə malik deyillər. Əksər hallarda bələdiyyələrə ayrılmış torpaq sahələrində fəaliyyət göstərən sahibkardan torpaq sahəsindən istifadəyə və icarəyə görə haqq aldıqları halda onlardan əlavə xidmətə və sahibkarlıq fəaliyyətinə icazə verilməsinə görə ödəniş tələb etmirlər. Mehmanxana, turizm və reklam xidmətləri üçün ödənişlərin alınmasında bələdiyyələr passivlik göstərirlər. Bu hallar da onların büdcələrinə ciddi ziyan vurur. Buna görə də belə bir qanunun qəbul olunması çox vacibdir.
Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyədən minə yaxını kiçik bələdiyyələrdir. Demək olar ki, onların lazımi mülkiyyəti, maliyyə vəsaitləri yox dərəcəsindədir. Belə hallarda bu bələdiyyələrin sərbəst fəaliyyət göstərməsi, əhalinin tələbatının ödənilməsi qeyri-mümkündür. Bu bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi də lazımi nəticə verməyəcəkdir. Ona görə də gələcəkdə bələdiyyələrin birləşməsi, təkmilləşməsi sahəsində müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir. Qanunvericiliyə uyğun olaraq bələdiyyələr özləri buna təşəbbüs göstərməlidirlər. Çünki inkişaf etmiş bir çox ölkələrdə bu öz faydasını vermiş, kiçik bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətini və maliyyə imkanlarını yaxşılaşdırmışdır. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də, elə bilirəm ki, bələdiyyələrin fəaliyyətini genişləndirməklə bərabər, həm də bir çox nöqsanların aradan qaldırılmasına imkan verəcəkdir.
Burada həmkarlarım bir çox məsələlər qaldırdılar, istəyirəm, onların bəzilərinə münasibətimi bildirəm. Burada elə bir fikir formalaşdı ki, guya səlahiyyətlərin hamısı bələdiyyələrə birdən verilməlidir. Ancaq bu belə deyil. Əgər bu gün bələdiyyələr onlar üçün vacib olan hər hansı bir səlahiyyəti yerinə yetirə bilirlərsə, həmin səlahiyyətlər bələdiyyələrə ötürülməlidir. Özümüz də bilirik ki, bu gün səhiyyə, təhsil və digər sahələrlə bağlı səlahiyyətləri bələdiyyələr qəbul edə bilməzlər. Ona görə də qanunun 2-ci maddəsində çox aydın göstərilir ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış proqram əsasında həyata keçiriləcəkdir. Əgər biz bu qanunu qəbul etsək, sonradan bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanı proqram hazırlamalıdır. Bu proqramda aydın göstəriləcək ki, nə vaxt bələdiyyələrə hansı səlahiyyətlər ötürülə bilər.
Digər tərəfdən, bələdiyyələrə aid qanunvericilik aktlarında çox aydın şərh olunmuşdur ki, onlar üçün vacib olan mülkiyyəti və səlahiyyətləri qəbul etmək bələdiyyələrin hüququdur. Ona görə də həmin komissiyanın yaradılması məqsədəmüvafiqdir. Çünki bu gün hər hansı bir icra orqanı bələdiyyələrə həmin səlahiyyətləri verərkən bələdiyyələrin ixtiyarı var ki, onu qəbul etməsin.
Digər tərəfdən, biz komissiyada bu qanunu müzakirə edərkən belə bir məsələ ortaya çıxdı ki, əgər hər hansı bir icra hakimiyyəti orqanının maliyyə vəsaiti yoxdursa, o özündə olan mülkiyyəti bələdiyyəyə verə bilməz. Qanunda belə göstərilib. Biz belə bir qənaətə gəldik ki, ola bilsin, bələdiyyənin özünün maliyyə imkanları var. Bu gün belə bələdiyyələr respublikada çoxdur. Əgər bələdiyyənin özünün maliyyə imkanı varsa, o həmin vəsaiti götürmədən də səlahiyyətləri öz üzərinə götürə bilər.
Komissiyaların yaradılmasına da aydınlıq gətirmək istəyirəm. Biz bu komissiyanın formalaşmasında hər iki tərəfin eyni qaydada iştirakını ona görə nəzərə aldıq ki, gələcəkdə müəyyən mübahisələr yarana bilər. Çünki ola bilsin ki, bir neçə müddətdən sonra hər hansı bir tərəf həmin müqavilənin şərtlərini pozsun. Bu komissiya ondan ötrüdür ki, pozulmuş səlahiyyətləri müəyyən etsin. Qanunda göstərilir ki, tərəflər komissiyanın rəyi ilə razılaşmadıqda mübahisə məhkəmə yolu ilə həll oluna bilər.
Bu qanun layihəsi hərtərəfli hazırlanıb. Qanunun üzərində çox ciddi iş aparılıb, mükəmməl bir sənəd ortaya qoyulub. Layihə yığcam olsa da, elə bilirəm, əhatəlidir. Ancaq burada səslənən bir çox təkliflərə mən də tərəfdaram, ikinci oxunuşa qədər bu qanun layihəsi təkmilləşdirilməlidir. Bu qanun layihəsini qəbul etməklə həmkarlarım bələdiyyələrin gələcəkdə inkişafına dəstək vermiş olacaqlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Mən də əksər həmkarlarım kimi qanun layihəsini konseptual baxımdan yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu qanun layihəsi bələdiyyə təsisatının 7 il yarım ərzində fəaliyyətinin qiymətləndirilməsi nəticəsində gündəmə gəlmişdir. Bələdiyyələrin vətəndaş cəmiyyətinin formalaşmasındakı rolunu heç kim dana bilməz və belə bir qanun layihəsinin müzakirəyə çıxarılması da ölkədə bu istiqamətdə atılan fundamental addım kimi dəyərləndirilməlidir. Mənim bələdiyyə haqqında təsəvvürüm oxuduqlarımdan və eşitdiklərimdən ibarət deyildir.
Ölkədə böyük bələdiyyələrdən biri olan Şəki bələdiyyəsinin artıq 8-ci ildir ki, üzvüyəm və bələdiyyələrin bu illər ərzində gördükləri işləri, qarşılaşdıqları problemləri elə birinci mənbədən bilirəm. Hesab edirəm ki, bu qanun layihəsi bələdiyyələrin fəaliyyətinin tam və dəqiq sərhədinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm addım olacaqdır. Həmkarlarımdan birinin qeyd etdiyi kimi, mən də hesab edirəm ki, bu sərhədin müəyyənləşməsində müəyyən konflikt yaradan yerli icra hakimiyyətlərinin əsasnamələri ilə bu qanunların uzlaşması istiqamətində mütləq iş görülməlidir.
Bələdiyyələrin tam və səmərəli fəaliyyəti üçün onların iqtisadi və maliyyə durumunun güclənməsinə böyük ehtiyac var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, dövlət büdcəsindən ayırmalara çox böyük ehtiyac var. Biz bilirik ki, 2007-ci ilin dövlət büdcəsində bələdiyyələr üçün müəyyən maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Bu, dotasiya xarakteri daşıyır. Amma mən hesab edirəm ki, bələdiyyələrin dotasiya xarakterli ayırmalara bir o qədər ehtiyacı yoxdur. Onların subsidiya şəklində, ya da konkret proqramlar əsasında maliyyələşdirilməsinə çox böyük ehtiyac var. Bilirik ki, bələdiyyələrin maliyyə mənbəyi bir neçə yerli vergilərin yığılması ilə formalaşır. Bunlar, əsasən, fiziki şəxslərdən yığılan torpaq və əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialı üzrə əmlak vergisi, bir də, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisidir.
Mən Arif müəllimdən soruşmaq istəyirəm ki, bu qanun layihəsi bələdiyyələrə mənfəət vergisini həmin təşkilatlardan tutmağa imkan verəcəkmi? Çünki qanun layihəsindən mən belə başa düşürəm ki, bu, onların daimi mülkiyyətinə verilməyəcəkdir. Əgər daimi mülkiyyətə verilməyəcəksə, onda, yəqin ki, onlar bu əlavə səlahiyyətlərdən öz yerli büdcələrini artırmaq istiqamətində istifadə edə bilməzlər.
Bilirsiniz ki, dövlət büdcəsindən hər bir bölgə üçün ayırmalar var. Amma dövlət büdcəsindən bölgələr üçün ayırmaların çox hissəsi rayon mərkəzlərinin inkişafına xərclənir. Bu da aydın məsələdir, yerli rəhbərlik rayon mərkəzinin daha çox göz görünməsində, inkişaf etdirilməsində maraqlıdır. Amma başqa ərazilərə həmin büdcə vəsaitindən çox cüzi bir hissə çatır. Buna görə də mərkəzi büdcədən hər bir bələdiyyə ərazisi üçün müəyyən maliyyə mənbəyinin ayrılması düzgün olardı. Bilirsiniz ki, bələdiyyələrin büdcəsi, əsasən, vergilərin toplanması ilə təmin edilir. Amma bu sahədə müəyyən problemlər var. Dövlət vergi orqanlarına vergi ödəyicilərini cəzalandırmaq üçün sanksiya tətbiq etmək səlahiyyətləri verilib. Təəssüf ki, bu bələdiyyələrin vergi toplayıcılarına belə bir səlahiyyət verilməyib. Yerli büdcəni formalaşdırmaq üçün bələdiyyə qulluqçularına sanksiya tətbiq etmək səlahiyyətinin verilməsi onların maliyyə durumunda çox ciddi dəyişikliklərə səbəb ola bilərdi.
O ki qaldı qanun layihəsinin ayrı-ayrı maddələrinə, yəqin ki, biz ikinci oxunuşda buna bir daha qayıdacağıq. Amma əlavə səlahiyyətlərin verilməsi əlavə məhdudiyyətlərə gətirib çıxarmamalıdır. Bilirik ki, bələdiyyələrin ən böyük üstünlüyü fəaliyyətlərində sərbəst olmalarıdır. Məsələn, 8-ci maddədə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı nəzarət mexanizmi nəzərdə tutulub. Mənə elə gəlir ki, nəzarət mexanizmi konkretləşdirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm və hesab edirəm ki, konseptual baxımdan qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən əvvəlcə bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bu qanun layihəsinə, təbii ki, səs verəcəyik, çünki çox vacib bir qanun layihəsidir. Yerli özünüidarəetmə orqanının səlahiyyətlərinin artırılması çox vacib bir məsələdir. Ancaq biz may ayında büdcəyə baxacağıq. Mənə elə gəlir ki, bizim əsas vəzifəmiz bu qanun layihəsi qəbul olunana qədər normal bələdiyyə aparatlarının formalaşmasına nail olmaqdır. Çünki normal bələdiyyə aparatları formalaşmadan bu səlahiyyətlərin bugünkü reallıqda həyata keçirilməsi çox çətin olacaqdır. Qanun layihəsində göstərilir ki, proqram olacaq. Bu proqramda məsələlər konkret göstərilməlidir, əks halda bu qanun sonra ciddi qarşıdurmalara gətirəcək. Konkret göstərilməlidir ki, biz hansı səlahiyyəti hansı müddətdə yerli özünüidarəetmə orqanına verəcəyik. Bizim cəmiyyətimiz də ona doğru gedir, bu səlahiyyətlərin bir çoxu zaman-zaman yerli özünüidarəetmə orqanında, bələdiyyələrdə olmalıdır. Amma hansı səlahiyyət hansı vaxta verilib başa çatmalıdır? Təbii ki, işini yaxşı quran bələdiyyə müəyyənləşdirilmiş vaxt ərzində bunu yerinə yetirə bilər, digəri isə daha gec yerinə yetirə bilər. Amma elə ola bilməz ki, 3 ildən sonra eyni səlahiyyəti rayonda bir yerdə bələdiyyə yerinə yetirsin, digər bir yerdə rayon icra hakimiyyəti. Bunun özü də bir absurdluq yaradacaqdır. Biz bunun üzərində ciddi düşünməliyik.
Digər bir məsələyə toxunmaq istəyirəm. Arif müəllim, 3.3-cü maddədə yazılır ki, bu qanunun 3.1-ci maddəsində göstərilən müqavilənin bağlanması təklifi ilə bələdiyyələr də müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Amma bu müraciəti icra hakimiyyəti orqanının nə vaxta qədər cavab verməsi də göstərilməlidir. Deyə bilərlər ki, biz bu təklifə 5-6 aya baxırıq. Göstərilməlidir ki, nə vaxta qədər bu münasibət bildirilməlidir və imtinası da nə şəkildə olmalıdır.
Digər deyəcəyim məsələ bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin maliyyə təminatı ilə bağlıdır. 5.4-cü maddədə yazılır: “Müvafiq icra hakimiyyəti orqanları əlavə səlahiyyətlərin icrası üçün tələb olunan maliyyə vəsaiti ilə bələdiyyələri təmin edə bilmədikdə, yaxud bu vəsaitlər kifayət etmədikdə bələdiyyələr həmin səlahiyyətlərdən imtina edə bilərlər”. Sabah istənilən bələdiyyə bu səlahiyyəti alandan sonra deyə bilər ki, bu məni təmin etmir, bu vəsait kifayət etmir. Bunu bu şəkildə yazmaq nəyə lazımdır ki? Bu qanunun 3.1-ci maddəsində yazılır: “Bələdiyyələrə əlavə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyə arasında bağlanmış ikitərəfli müqavilə əsasında verilir”. Bu müqavilədə səlahiyyətlərin verilməsi zərurəti, səlahiyyətlərin icrası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği, köçürülmə qaydası – hamısı nəzərdə tutulub. Əgər bir səlahiyyət verilirsə, artıq onun maliyyələşmə mənbəyi də göstərilir. Bu müqavilə də ikitərəfli olacaq və bələdiyyə də buna imza atacaq. Sonra istənilən bir işi yerinə yetirməmək üçün “bu vəsait bizə kifayət etmir” kimi imtina mümkün deyil. Çünki qabaqcadan müqavilə imzalananda, bu, nəzərdə tutulub. Xahiş edərdim ki, biz bu maddəni diqqətlə nəzərdən keçirək.
Bayaq dediyim məsələ ilə bağlı ikinci versiya gəlir. 3.2-ci maddədə göstərilir ki, bələdiyyələrə əlavə səlahiyyətlər daimi və ya müəyyən müddətə verilə bilər. Əgər bələdiyyə verilən səlahiyyəti yerinə yetirməsə, ondan o vəzifələrin alınması mexanizmi nəzərdə tutulursa, onda biz bu “müəyyən müddətə” sözlərini niyə yazırıq? Bayaq da dedik, onsuz da gələcəkdə səlahiyyətlər yavaş-yavaş özünüidarəyə keçməlidir. Ona görə bu, müəyyən subyektivlik yaratmayacaqmı? Mən istərdim ki, bu maddəyə də diqqət yetirilsin.
Sonda demək istəyirəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Amma yenə də, cənab Sədr, bir daha diqqətə çatdırmaq istəyirəm ki, xüsusi ilə kənd rayonlarında bələdiyyələrin maliyyələşdirilməsi çox ciddi məsələdir. Onlar əsaslandırırlar ki, bizdə vəsait yoxdur, ona görə də bəzi funksiyamızı yerinə yetirə bilmirik. Düşünürəm ki, may ayında büdcəyə yenidən baxanda bələdiyyələrin maliyyələşməsinə diqqəti bir az da artırmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu qanunu çox diqqətlə oxudum və bu gün çıxış edən deputatlara diqqətlə qulaq asdım. Burada çıxış edən deputatlar çox düzgün olaraq “ola bilər”, “verilə bilər”, “qəbul edə bilər” terminlərinin qanun layihəsində ardıcıl şəkildə işlənməsini nöqsan saydılar. Düzdür, burada bəzi yoldaşlar əsaslandırmaq istədilər ki, belə də olmalıdır. Düzdür, adi söhbətdə belə olmalıdır, ancaq qanunda belə olmamalıdır. Qanun mübahisə açmamalıdır, qanun hökm verməlidir. Konkret ya ola bilər, ya da ola bilməz.
Burada göstərilir ki, bu qanun əlavə səlahiyyətlərin verilməsi və həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasını müəyyən edir. Lakin burada qaydadan söhbət getmir, yazılır ki, “verilə bilər”, “verilə bilməz”. İkinci tərəfdən, yazılır ki, səlahiyyətləri bələdiyyələrə verə bilərlər. Belə çıxır ki, verməyə də bilərlər.
Sonra, 1.2-ci maddədə yazılır ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış proqram əsasında həyata keçirilir. Qanunda verilən tələblərdə hökmən vahidlik prinsipi olmalıdır. Bu qanunun tələblərində vahidlik prinsipi pozulur. Nə mənada? Tutaq ki, filan rayonun icra başçısı belə hesab edir ki, bu səlahiyyətləri ona vermək olar və verir. İkinci icra başçısı isə belə hesab edir ki, bu səlahiyyətləri ona vermək olmaz. Yəni bir rayonda müəyyən prinsiplər həyata keçirilir, digər rayonda isə həyata keçirilmir. Beləliklə də, tələblərdə vahidlik prinsipi pozulur. Bu, pedaqoji prinsip deyil, qanundur. Ona görə də belə məsələlərdə dəqiq və aydın olmaq lazımdır.
Sonra, 6.2-ci maddədə yazılır ki, bu komissiya poritet əsaslarla formalaşdırılmalı, icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələrindən ibarət olmalıdır. Ancaq məsələ bundadır ki, bu komissiya bələdiyyələrlə icra hakimiyyəti arasında mübahisə yarandıqdan sonra yaradılır. Komissiya bunu həll edə bilmədikdə mübahisə məhkəmə qaydasında həll edilir. Yaxşı olardı ki, komissiyanı poritet əsaslarla əvvəldən yaratsınlar.
Bu gün Milli Məclisin müzakirəsinə təqdim edilmiş Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi günün tələbləri sırasında olan çox mühüm məsələlərdən biridir. Belə ki, bu qanun müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə səlahiyyətlərin verilməsi qaydasını müəyyən etməlidir. Qanun qəbul olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə onlara aid edilmiş səlahiyyətləri bələdiyyələrə verə biləcəklər. Belə çıxır ki, dövlət mülkiyyətində olan obyektlər, yaşayış fondu, qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektlərinin istismarı, ictimai nəqliyyatın, təsərrüfat yollarının idarə olunması, istismarı və inkişaf etdirilməsi, təhsil, mədəniyyət, səhiyyə, idman və bədən tərbiyəsi sahələrinin inkişafı, bələdiyyə ərazisində yerləşən tarixi mədəniyyət abidələrinin, park və bağların qorunması və abadlaşdırılması, hətta vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən səlahiyyətlər bələdiyyələrə verilə də bilər, verilməyə də.
Təqdirəlayiqdir ki, bələdiyyələr bu səlahiyyəti ona vermiş müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bu obyektlərdən başqa məqsədlər üçün istifadə edə bilməz. Aydındır, buna səlahiyyət verilibdir, guya icra nümayəndəsi icazə verərsə, ayrı məqsəd üçün istifadə edə bilər, verməzsə, edə bilməz. Onda bu, səlahiyyət deyil. Gedib hər dəqiqə icra nümayəndəsindən icazə almalıdır ki, bunu edim, yoxsa etməyim? Burada yazılır ki, müqavilə razılıq əsasında tərtib olunur və müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən və bələdiyyə iclasının qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. Müqavilə qarşılıqlı razılıq əsasında tərtib olunursa və bunlar razılığa gəlirlərsə, o bunu həyata keçirməlidir. Artıq razılıq olub, təzədən mübahisə açmağa və komissiya yaratmağa mən elə bil ehtiyac hiss etmirəm.
4-cü maddədə yazılır ki, Konstitusiyada hakimiyyətin bölünməsi prinsiplərinə zidd olan və verilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə qadağan olunan dövlət səlahiyyətləri bələdiyyələrə verilə bilməz. Bunu qanunda yazdın, ya yazmadın, aydındır ki, dövlət səlahiyyətləri, əlbəttə, ona verilə bilməz. Yaxşı olardı ki, həmin səlahiyyətlərin adları burada sadalanaydı. Onda məsələ aydın olardı. Bəs “bilər” nədir? O yoxdur. “Verilə bilməz” var, “verilə bilər” yoxdur.
3.2-ci maddədə göstərilir ki, bələdiyyələrə əlavə səlahiyyətlər daimi və müəyyən müddətə verilə bilər. Əlavə səlahiyyətləri daim vermək düzgün deyil. Çünki bu, ümumi səlahiyyət bölgüsü prinsiplərinin pozulmasına səbəb ola bilər. Ümumilikdə, qanun layihəsinin müddəaları ilə razıyam. Onun lehinə bu şərtlə səs verəcəyəm ki, dediklərimə müəyyən diqqət yetirilsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış etmək üçün təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda müzakirəni davam etdiririk. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, mən bələdiyyələrin fəaliyyəti haqqında geniş danışmaq fikrindən uzağam. Çünki hamıya məlumdur ki, ölkədə bələdiyyələr yaransa da, onların fəaliyyəti son dərəcə məhduddur. Heç kim təsdiq edə bilməz ki, bələdiyyələr əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı hansısa əhəmiyyətli səlahiyyətlərə malik olublar. Bütün dünyada bələdiyyələrin səlahiyyətlərinə aid olan funksiyaları bizim ölkədə icra hakimiyyəti orqanlarının timsalında dövlət idarəetmə orqanının qurumları həyata keçirirlər. Bu gün Azərbaycan bələdiyyə təsisatının real səlahiyyət sferası ən yaxşı halda bələdiyyə yollarının saxlanması və dövlətin sosial proqramları ilə əhatə olunmayan aztəminatlı vətəndaşlara sosial yardımların göstərilməsi ilə məhdudlaşır.
Təsadüfi deyildir ki, Avropa Şurası Yerli və regional hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 2003-cü il 21 may tarixli 226 saylı tövsiyəsində göstərilib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri olduqca məhduddur və Yerli özünüidarə haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq ictimai işlərin əhəmiyyətli hissəsi bu səlahiyyətlər çərçivəsinə daxil edilməyibdir. Tövsiyədə göstərilib ki, bələdiyyələrin bütün səlahiyyətləri elə müəyyən edilib ki, onlar, sadəcə olaraq, yerlərdə dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlayır, yaxud da bu qurumların nəzarəti altında fəaliyyət göstərirlər. Avropa Şurası Azərbaycanın üzərinə bir sıra öhdəliklər qoymuşdur ki, orada digər məsələlərlə yanaşı, Bakıda meriya institutunun yaradılması, bələdiyyələrə xüsusi maliyyə mənbələrinin verilməsi, səlahiyyətlərin artırılması, yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyətlərin dəqiq bölgüsünün aparılması və sair tövsiyələr öz əksini tapmışdır. Bu tövsiyələrin Azərbaycan hökumətinə ünvanlanmasından 4 il keçsə də, keçən müddət ərzində bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılması, bu səlahiyyətlərin genişləndirilməsi istiqamətində qüvvədə olan qanunvericilikdə hər hansı bir dəyişiklik edilməmişdir. Yalnız 2005-ci ilin fevralında “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsinə dəyişiklik edilərək “bələdiyyələr qeyri-dövlət sistemli” anlayışı “bələdiyyələr yerlərdə dövlət işlərini həyata keçirən orqanlardır” anlayışı ilə əvəz edilmişdir. Lakin yerli özünüidarə qurumlarına gətirilən bu dəqiqlik sonradan onların səlahiyyət çərçivəsinin dəqiqləşdirilməsində öz davamını tapmamışdır.
Bu gün bizə təqdim edilən bu layihə də sirr deyil ki, Avropa Şurası ilə əlaqədar müzakirəyə çıxarılmışdır və daha çox görüntü yaratmaq məqsədinə xidmət edir. Çünki layihənin səthi təhlili göstərir ki, orada bu qədər səlahiyyətlərdən söz açılması heç də bələdiyyələrə, sözün həqiqi mənasında səlahiyyət vermək anlamını vermir. Sadəcə olaraq, bu layihədə bələdiyyələrə tösviyə olunan funksional istiqamətlər sadalanır ki, bələdiyyələr bu istiqamətdə işləyə bilərlər. Başqa sözlə, layihədə göstərilir ki, bələdiyyələrə təhsil, səhiyyə, mənzil-kommunal sahələrində səlahiyyətlər verilə bilər. Burada da qeyri-müəyyənlik vardır və hansı konkret səlahiyyətlərdən söhbət getdiyi göstərilmir. Təkcə o qədər problemi olan təhsil sahəsi ilə əlaqədar məsələnin bu şəkildə qoyulmasının nə qədər problemlər yaradacağını elə indidən təsəvvür etmək çətin deyildir.
Dünya praktikasında bələdiyyələrlə bağlı qanunvericilik standartı vardır və bir qayda olaraq, yerli özünüidarəetmə ilə əlaqədar layihə hazırlananda bu standart nəzərə alınır. Nədir bu standart? Birincisi, qanun bələdiyyələrin funksional istiqamətini müəyyənləşdirməlidir. İkincisi, qanunda konkret funksional təyinat üzrə səlahiyyətlər, vəzifələr müəyyənləşdirilməlidir. Üçüncüsü, bələdiyyələrin fəaliyyət sferasında olan səlahiyyətlərin həyata keçirilməsi üçün qanun bu qurumların öhdəliklərini, yəni hüquq və imtiyazlarını müəyyənləşdirməlidir. Mütəxəssislərlə birlikdə təhlil etdiyimiz Rusiya, Litva, Latviya, Estoniya, Polşa kimi 10-a qədər ölkənin qanunvericiliyində məhz bu mexanizm öz əksini tapmışdır. Beynəlxalq praktikada istifadə edilən bu mexanizm nəinki bu gün müzakirəyə çıxarılan qanunda, hətta “Bələdiyyələrin statusu haqqında” ana Qanunda da tətbiq edilməlidir.
Digər tərəfdən, mən qanunun bu şəkildə qəbul edilməsinin tam əleyhinəyəm. Başqa sözlə, qanun yaradıcılığı statistikası xatirinə qanun yaratmağa, qanunların sayını artırmaqla qanunvericilik praktikasını belə ağırlaşdırmağa heç bir lüzum görmürəm. Nəzərə almalıyıq ki, ayrı-ayrı ölkələrdə əlavə səlahiyyətlər barədə ayrıca qanun olmur. Yalnız bir qanun – “Bələdiyyələrin statusu haqqında” Qanun olur ki, orada da dövlətin bələdiyyələrə verə biləcəyi əlavə səlahiyyətlər bölməsi olur. Ona görə hesab edirəm ki, bu təcrübəyə uyğun olaraq əlavə qanun yaradılmamalı, “Bələdiyyələrin statusu haqqında” Qanunda dediyimiz dəyişikliklər edilməlidir.
Sonra, bələdiyyələrin təbii səlahiyyətləri ilə bələdiyyələrə ötürülə bilən səlahiyyətlər qanunda ayrılmalıdır. Beynəlxalq praktikaya uyğun olaraq məcburi səlahiyyətlər və könüllü səlahiyyətlər bölgüsü qanunda öz əksini tapmalıdır. Bu gün bizə təqdim edilən layihə “Bələdiyyələrin statusu haqqında” Qanuna ötürülə bilən səlahiyyətlər bölgüsü kimi əlavə edilə bilər. Mənim fikrimcə, ümumi funksional istiqamətləri müəyyən edən bu əlavə qanunu qəbul etməkdənsə, mövcud qanunda bu gün aktual olan yerli icra orqanları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsinə daha çox diqqət yönəldilməlidir.
Məlumdur ki, bu gün müzakirəyə çıxarılan layihə qanun kimi qəbul edilir. Ancaq o da məlumdur ki, əslində, burada qaldırılan məsələlər əsas qanunun, yəni “Bələdiyyələrin statusu haqqında” Qanunun predmetidir. Ona görə də əgər hökumət, həqiqətən, islahat aparmaq istəyirsə, əlavə qanunlar yaratmaqla vaxt aparılmamalıdır. “Bələdiyyələrin statusu haqqında” Qanuna ciddi dəyişikliklər edilməlidir. Bu qanunda bələdiyyələrin təbii səlahiyyətləri, ötürülə bilən səlahiyyətləri, məcburi səlahiyyətləri və könüllü səlahiyyətləri dəqiqləşdirilməli və bu təsnifat üzrə yalnız bir qanun qəbul edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, ancaq bu təsnifat üzrə yaradılan qanun yerlərdə bələdiyyələri əsil işlək orqana çevirə bilər.
Onu da qeyd edim ki, biz 4 ay bundan əvvəl bələdiyyələrin fəaliyyəti ilə əlaqədar yerlərdə yaranmış vəziyyəti nəzərə alaraq bələdiyyələr haqqında qanunvericiliyi təkmilləşdirmək məqsədi ilə bir ictimai vəkillik qrupu yaratmışıq. Bu qrupa bələdiyyələr üzrə mütəxəssislərlə yanaşı, deputatlar da daxildirlər. Hesab edirik ki, Azərbaycanda həqiqi bələdiyyə fəaliyyətini formalaşdıracaq bir konsepsiyanı yaratmışıq və yaxın günlərdə biz bunu Milli Məclisin müvafiq komissiyasına təqdim edəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Dediniz ki, hökumət qanun yaradır. Qanunu hökumət yaratmır, Milli Məclis, biz yaradırıq. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım! Hesab edirəm ki, biz bu gün çox vacib bir qanunun müzakirəsi ilə məşğuluq. Bu qanunu qəbul etməklə bələdiyyə statusunun inkişafında yeni bir mərhələ açırıq. Birinci mərhələ bələdiyyələrin formalaşdırılması, onların fəaliyyəti üçün zəruri ilkin təcrübənin toplanması onların cəmiyyətdə təsdiqidirsə, artıq bu mərhələ ilə bələdiyyələr yerli özünüidarəetmədə çox mühüm məsələyə çevrilirlər və yerli ərazidə bir çox obyektlərin idarə edilməsinə, onların inkişafına məsuliyyət daşıyırlar. Qanun çox vacibdir. Bizə təqdim edilən qanun layihəsində bu qanunun predmeti, həyata keçirilmə mexanizmi barədə çox dəqiq üsullar göstərilib. Mən birinci oxunuş üçün təqdim edilən layihə ilə, əsasən, razıyam.
Bununla belə, sözçülüyə varmadan bir neçə təklifimi irəli sürmək istərdim. Birincisi, qanunun adı “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında”dır. Amma qanunla tanış olduqda məlum olur ki, biz bələdiyyələrə əlavə səlahiyyətlər vermirik, sadəcə, bunun verilmə qaydalarını müəyyənləşdiririk. Ona görə də bunun adının dəyişdirilərək “Bələdiyyələrə əlavə səlahiyyətlər verilməsi haqqında” qanun adlandırılmasını təklif edirəm. Biz əgər qanunu belə adlandırmasaq, gələcəkdə növbəti yeni iki səlahiyyət verilməsi haqqında qanun qəbul etməyə məcbur olarıq.
İkinci təklifim. Burada göstərilir ki, bələdiyyələrə hansı sahələr idarəetməyə verilə bilər. Ancaq mümkündür ki, ya təcrübə kimi, ya da yerli şərait nəzərə alınaraq həmin sahənin tamamilə deyil, ancaq bir qismi bələdiyyələrin səlahiyyətinə verilsin. Ona görə qanuna xüsusi bir bəndin salınmasını təklif edirəm. Müəyyən sahədə ancaq bir qisim obyekt idarə edilmək üçün bələdiyyələrə verilsin. Gələcəkdə onun təcrübəsindən və imkanlarından asılı olaraq digər sahələrə də baxılması mümkündür.
Digər tərəfdən, burada aydın deyil ki, bələdiyyələr ancaq öz ərazisində olan, yoxsa digər bələdiyyələrin ərazisində olan obyektləri də idarə etmək üçün götürə bilərlər. Çünki bu, qanunda konkret şəkildə yazılmayıb. Ancaq mən bu müddəanın olmasının tərəfdarıyam. Hesab edirəm ki, hər bir bələdiyyə ancaq və ancaq öz ərazisində olan və sadalanan sahələrin idarə edilməsi məsuliyyətini öz üzərinə götürə bilər. Bunun da bizə ikinci oxunuş üçün təqdim olunan layihədə öz əksini tapmasını təklif edərdim. Birinci oxunuş üçün verilən layihəni məqbul hesab edirəm və verdiyim təkliflərin də nəzərə alınmasını xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Həvva Məmmədova.
H. Məmmədova. Çox sağ olun, cənab Sədr. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi ilə bağlı məndən öncə həmkarlarım tərəfindən çox dəyərli fikirlər səsləndi. Mən də təkrara yol verməmək üçün istəyirəm bildirəm ki, bələdiyyələr artıq bugünkü dövlət idarəçiliyində özünəməxsus yer tutur. Neçə əsrdir ki, dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə bələdiyyələr fəaliyyət göstərirlər. Belə ölkələrdə yerli özünüidarə orqanları, yəni bələdiyyələr xeyli inkişaf etmiş, təcrübə toplamışlar. Artıq Türkiyədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin fəaliyyəti ilə məhz bələdiyyələr məşğul olurlar. Azərbaycanda bələdiyyə təsisatı çox gəncdir, iş təcrübəsi azdır. Ancaq gənc olmasına baxmayaraq, bu gün Azərbaycanda bələdiyyələr inkişaf edir. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi mənim və həmkarlarımın ürəyincə olan məsələdir.
Oqtay müəllim, mənim seçicilərim respublikanın 50-dən artıq rayonunda məskunlaşıblar. Onların çoxu kənd rayonlarında yaşayırlar və onlardan bələdiyyələrin iş təcrübəsi ilə bağlı xeyli şikayətlər alıram. Biz bələdiyyələrin iş təcrübəsini yaymaqla əlaqədar təbliğata yer ayırmırıq. Qabaqcıl bələdiyyələrin və xüsusi ilə Türkiyədə fəaliyyət göstərən bələdiyyələrin iş təcrübəsinin öyrənilməsinə və yayılmasına böyük ehtiyac vardır. Həm kənd, həm də rayon bələdiyyələri öz səlahiyyətlərini başa düşmürlər. Onlar ancaq vergilərin toplanması və bəzi abadlıq işlərinin aparılması ilə məşğul olurlar. Ancaq mən deyərdim ki, bu gün birdən-birə deyil, öz səlahiyyətlərini başa düşən bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi daha vacib olardı. Ona görə bu gün istərdim, fürsətdən istifadə edərək deyəm ki, hazırda bələdiyyələr onlara ayrılan vəsaitin az olmasından əziyyət çəkirlər. İstərdim ki, növbəti büdcədə kənd bələdiyyələrinə ayrılan vəsait artırılsın.
Cənab Sədr, istərdim, burada bir məsələni də qeyd edəm. Bələdiyyə aparatına seçilən kadrların səviyyəsi yüksək olmalıdır. Bələdiyyə sədrinin, bələdiyyə aparatının işçilərinin seçilməsində təhsil, səriştə əsas götürülməlidir. Bir sözlə, bələdiyyədə çalışanlar təcrübəli, səviyyəli, dünya təcrübəsini öyrənməyə qadir insanlar olmalıdırlar. Yerli orqanlar da bu işə ciddi fikir verməlidirlər. Ona görə də hesab edirəm ki, bu qanun layihəsi müzakirəyə vaxtında təqdim edilib. Mən bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı həmkarlarımın dedikləri ilə razıyam və bu qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də hesab edirəm ki, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi bələdiyyə təsisatının və idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətində irəliyə doğru atılan mühüm bir addımdır. Qabaqcadan deyim ki, mən bu qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da dəstəkləməyə dəvət edirəm. Qanun layihəsinin bir sıra müddəalarını isə xüsusi ilə alqışlayıram və hesab edirəm ki, bunlar vaxtı çatmış səlahiyyətlərdir və çoxdan bələdiyyələrə verilməli idi.
Mən yaşayış fondunun bələdiyyələrə verilməsini xüsusi ilə vurğulamaq istəyirəm. Çünki bu gün yaşayış fondu ilə mənzil-istismar sahələri məşğuldur ki, onlar da yalnız zibil pulu yığmaqla və zibili daşımaqla məşğuldurlar. Bu iş yalnız bələdiyyələrin səlahiyyətinə aid olan məsələdir. Qazaxıstanda və Qırğızıstanda bu səlahiyyətlər çoxdan bələdiyyələrə verilib və bələdiyyələrin məhəllə komitələri tərəfindən idarə olunur. Bu gün mənzil-istismar idarəsi bələdiyyələrin fəaliyyətinə yalnız maneçilik törədən bir təşkilatdır və hesab edirəm ki, onların dövlət büdcəsi hesabına bir dövlət qurumu kimi saxlanılması məqsədəuyğun deyil.
Bundan başqa, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı səlahiyyətlərin də bələdiyyələrə verilməsini müsbət addım hesab edirəm. Türkiyədə çoxdan bu səlahiyyətlə bələdiyyələr məşğuldurlar. Amma mən bu siyahıdan təhsillə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsini, – bu mənim subyektiv fikrimdir, – düzgün hesab eləmirəm. Burada belə bir müddəa var: təhsil, mədəniyyət, səhiyyə və bədən tərbiyəsi sahələrinin idarə və inkişaf etdirilməsi. Mən hesab edirəm ki, təhsil hər bir xalqın həyatında oynadığı mühüm rola görə dövlətin təhsil siyasəti ilə tam uzlaşan bir fəaliyyətdir. Ona görə mən istəməzdim ki, təhsilin idarə olunması ilə bağlı bələdiyyələrə əlavə səlahiyyət verilsin. Əgər söhbət təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən və inkişaf etdirilməsindən gedirsə, hesab edirəm ki, burada qanunverici orqan tamamilə haqlıdır, bu səlahiyyət bələdiyyələrə verilməlidir. Amma təhsilin idarə olunması, mən hesab edirəm, sırf dövlətin təhsil siyasəti ilə bağlı olan məsələdir.
Mən bundan başqa, bu siyahıda olan reklam lövhələrinin yerləşdirilməsi ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Bu gün reklam lövhələrinin yerləşdirilməsi konkret bələdiyyənin sahəsində olsa da, bununla bələdiyyələr deyil, icra hakimiyyəti orqanları məşğul olurlar. Hesab edirəm ki, bu da ən azı “Bələdiyyələr haqqında” Qanuna görə qanunsuzdur. Hesab edirəm ki, reklam lövhələrinin yerləşdirilməsi, bu vəsaitin toplanılması ilə bağlı səlahiyyətin bələdiyyələrə verilməsi vacibdir.
Burada bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı qanun layihəsində bir konkretliyin olmaması haqqında müxtəlif fikirlər səsləndi. Mən də hesab edirəm ki, bu məsələ qanun layihəsində çox düzgün həll olunub. Dövlət hakimiyyəti orqanlarının məşğul olduğu çoxcəhətli geniş fəaliyyətlə bağlı səlahiyyətlərin bələdiyyələrə bir normativ aktla verilməsi düzgün olmazdı. Çünki əgər nəzərə alsaq ki, bələdiyyələr Azərbaycanda təxminən 7 ildir, fəaliyyət göstərir və bələdiyyədə çalışan insanlar idarəçilik baxımından heç də yüksək peşəkarlıq səviyyəsinə malik deyillər, onda bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi tədrici xarakter daşımalıdır və növbəti akt mərkəzi icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilməlidir. Mən də hesab edirəm ki, bu qanun layihəsi konseptual baxımdan çox vacibdir və deyilən məsələlər növbəti oxunuşda nəzərə alınmaqla qəbul olunmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev.
H. Atayev. Sağ olun. Oqtay müəllim, mən deputat seçilməzdən əvvəl Zaqatala şəhər bələdiyyəsinin sədri işləmişəm. İndi mən bir məsələni xatırlatmaqla elə bilirəm ki, fikrimi çatdıra biləcəyəm. Bələdiyyəyə seçilməzdən əvvəl mən 30 il Zaqatalada sıravi həkim işləmişəm. Rayon balaca yerdir, orada camaat bir-birini tanıyır. Namizədliyimi bələdiyyəyə verərkən xeyli səs topladım və bələdiyyəyə üzv seçildim. Sonra da həmin bələdiyyəyə sədr seçildim. İndi təsəvvür eləyin, mən 30 il həkim işləyən adam birdən-birə bələdiyyənin üzvü seçilirəm və sonra da bələdiyyə sədrinin otağında oturub yerli idarəetməni icra etməyə başlayıram. Əlbəttə, burada nöqsanlar da, səhvlər də olmalıdır. Ona görə də ilin axırında inzibati nəzarət tərəfindən burada hökmən nöqsanlar tapılmalıdır. Mənə elə gəlir ki, səlahiyyətlərimiz artdıqca belə nöqsanların olma ehtimalı daha çox olacaq.
Mən işlədiyim iki il ərzində özüm üçün çalışırdım ki, bu məsələnin həlli yolunu tapım. Bir variant odur ki, bələdiyyə sədrinin və başqa vəzifəli şəxslərin seçildiyi gündən bələdiyyələrin iş mərkəzi tərəfindən 5-10 günlük ixtisaslaşma kursları təşkil olunsun. Heç olmasa, təzə seçilmiş adamlar unutmamalıdırlar ki, bələdiyyə seçkili orqandır. Ora müxtəlif, yəni idarəetmədən tam uzaq olan insanlar seçilə bilərlər. Ona görə bu kurslar təşkil olunmalıdır və orada, heç olmasa, bələdiyyənin vəzifəli şəxsləri yerli idarəetmənin əsasları ilə tanış olmalıdırlar. Bu yolun da bir problemi var. Təsəvvür edin, Azərbaycanda neçə min bələdiyyə var və ona görə bunu təşkil eləmək olduqca çətindir. Amma bu iş hər gün davam etdirilməlidir. Mən seçildiyim günün səhəri ora gələn sənədləri imzalamalıyam, kiməsə torpaq verməliyəm, kiməsə nəyi isə icarəyə verməliyəm.
Mənim dünya təcrübəsindən o qədər də xəbərim yoxdur, ancaq mənə elə gəlir ki, dünyada iş belə təşkil olunub. Burada bəzi deputatlar dedilər ki, bələdiyyələr təzə bir qurumdur. Bələdiyyələr daim gənc qurum olmalıdırlar. Ona görə ki, bələdiyyəyə seçilən adamlar 5 il ərzində bələdiyyəyə üzv olurlar. 5 ildən sonra gələnlər də bu işdə gənc olacaqlar. Ona görə bələdiyyələrdə daim işləyən insanların ixtisaslaşdırılmasından çox şey asılıdır. Mən seçildiyim günün səhərisi suallar yarananda bələdiyyədə hüquqşünas, iqtisadçı, arxitektor, torpaq problemləri ilə məşğul olan insanlar olsaydı, mən də işləməyə başladığım gündən mütəxəssis kimi işimi görərdim. Ancaq mən bu işi öyrənincə tədricən səhv də eləməliyəm, vaxt da keçməlidir. Düzdür, müəyyən treninqlər, seminarlar keçirilir. Ancaq bu, tədricən olur. Ona görə birinci mərhələdə müəyyən səhvlərə yol verilir. Keçmiş bələdiyyə sədri kimi, hesab edirəm ki, dövlət bələdiyyə işçilərini saxlamaq üçün dotasiya versə idi, yaxşı olardı. O dotasiya hesabına xeyli iş yerləri yaranardı. İkinci də, təsəvvür eləyin ki, bələdiyyələr bu mütəxəssislərlə təmin olunsaydı, yəqin ki, bələdiyyənin səlahiyyətlərini artırdıqca onlar bütün işlərin öhdəsindən gələrdilər. Ola bilər ki, mənim çıxışım bir qədər yayınıq oldu, amma əsas təklifim odur ki, dövlət bələdiyyələrə dotasiya ayırarkən elə etsin ki, onun bir hissəsinin hesabına hüquqşünas, iqtisadiyyatçı, arxitektor və torpaq məsələləri üzrə mütəxəssis saxlanılsın. Sağ olun.
Sədrlik edən. Çıxış eləmək istəyənlər var. Başqa təklif verən yoxdur ki? İki nəfər çıxış etmək istəyir: Siyavuş Novruzov və Pənah Hüseyn. Yaxşı, Pənah bəy, buyurun. Arif müəllim, iki nəfərdən sonra da Sizə söz verəcəyəm.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mənim qarşımda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və vəzifələr haqqında ayın 16-da monitorinq komissiyasında müzakirə olunmuş məruzə, həm də qərar layihəsi var. Hər ikisində özünüidarə orqanları məsələsi əlahiddə yer tutur. Gəlin, etiraf edək ki, bu qanunun qəbul olunması əhəmiyyətli dərəcədə bu məsələlərlə, yəni bizim beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərlə bağlıdır. Amma mən hesab edirəm ki, heç bir halda qanun həmin öhdəliklərin yerinə yetirilməsi məsələsini həll edə bilməz, çünki konseptual baxımdan bizim yerli özünüidarə orqanlarına yanaşmamız əvvəlcədən siyasi mövqe üzündən yanlışdır və düzgün istiqamətdə hərəkət eləmir. Bundan əlavə, məndən sonra hörmətli Siyavuş müəllim çıxış eləyəcəkdir və mən tam əsasla iddia edirəm ki, mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərindən ibarət olan bələdiyyələr başqa cür də işləyə bilməzlər. Onlar heç zaman qarşılarında duran vəzifələri həyata keçirə bilməzlər.
Bəzən bizdə belə iddia irəli sürülür ki, guya yerli özünüidarə orqanlarının inkişaf etdirilməsi məsələsində beynəlxalq təşkilatların tələbləri bizim Konstitusiya ilə ziddiyyət təşkil edir. Mən diqqəti ona cəlb edirəm ki, bu, tamamilə yanlış bir fikirdir. Çünki bizim Konstitusiyada “yerli icra hakimiyyəti orqanları” anlayışı vardır, lakin heç bir halda “yerli icra hakimiyyəti orqanları” ilə “yerli hakimiyyət” anlayışlarının üst-üstə düşdüyünü iddia eləmək olmaz. Mən hesab edirəm ki, icra hakimiyyəti orqanlarının ümumi anlayışı, onların səlahiyyətləri və həll etdikləri məsələlər bizim Konstitusiyamızda öz əksini tapmışdır. Bir daha təkrar edirəm, bu, yerli hakimiyyət orqanlarının vəzifəsi ilə üst-üstə düşmür və nəhayət, biz yerli özünüidarəni yerli hakimiyyət orqanı kimi təsbit eləməliyik. Bunun üçün də Konstitusiyada hər hansı bir dəyişiklik etməyə ehtiyac yoxdur. O vaxta qədər ki, yerli əhali bələdiyyələri yerli hakimiyyət orqanı kimi tanımayıb və bələdiyyələr də özlərini bu şəkildə qəbul etməyib, biz ciddi bir dəyişikliyə nail ola bilməyəcəyik.
İkinci, mən diqqəti yenə də bu qanunla bağlı bir məsələyə cəlb edirəm. Bilirsiniz, bəzən Milli Məclisin atmosferinə baxıram. Elə bil ki, biz hansısa bir planetdə müzakirə aparırıq. Bakı şəhərində nəqliyyat, kanalizasiya, elektrik təchizatı məsələlərinin bələdiyyələrə verilməsindən söhbət gedə bilməz, çünki bu yaxınlarda hətta Bakı Şəhər İcra Hakimiyyətinin əlindən bu səlahiyyətlər alındı. Yadınıza salıram, bu yol məsələsi Nəqliyyat Nazirliyinin departamentinə, hörmətli Cavid müəllimin rəhbərlik elədiyi şirkətə verildi. Kanalizasiya, elektrik təchizatı məsələsi hətta xüsusi şirkətin əlindən alındı. Yerli icra hakimiyyətinin özünün əlindən bu səlahiyyətlərin alınması prosesi gedir, biz də burada böyük bir iddia ilə qanun qəbul edirik. Qeyd elədiyim sahələrin bir çoxu, bilirsiniz ki, monopoliyalara aid olan sahələrdir. Əslində, onların bəzilərinin elə mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi də bir obyektiv zərurətdən irəli gələn məsələdir. Ona görə də bu qanunu hazırlayarkən, məsələn, elektrik təchizatının, kanalizasiya sisteminin və sairin guya bələdiyyələrin səlahiyyətlərinə verilməsi kimi çox mümkün olmayan bir şeyi yazmaq, mənim fikrimcə, absurddan başqa bir şey deyil.
Digər bir məsələyə bizim bir sıra deputatlarımız da toxundu. Xüsusən mən Aydın müəllimin çox konseptual bir fikrinə toxunmaq istəyirəm və onun tamamilə bu qanun layihəsinə verdiyi dəyəri və qiyməti müdafiə edirəm. Hesab edirəm ki, tamamilə doğrudur, biz, sadəcə olaraq, yalnız əlavə şeyləri bura yazmaqla məşğul olmuşuq. Guya biz bələdiyyələrə hansısa əlavə səlahiyyətlər veririk.
Hörmətli deputatlar, hazırda Azərbaycan bələdiyyələri olduqca bədbəxt bir vəziyyətdədirlər. Faktiki olaraq bu bələdiyyələr icra başçılarının bir çox hallarda qanuna zidd olan hərəkətlərini və tapşırıqlarını icra etməklə məşğuldurlar. Məsələn, mən Binəqədi rayonunda yaşayıram. Buranın şəhər bələdiyyəsi də mənim yaşadığım ərazinin bələdiyyəsidir. Ümumiyyətlə, mənim bir yerli sakin kimi bələdiyyənin nə ilə məşğul olması barədə heç bir məlumatım yoxdur. Bir çox deputatların əksəriyyəti Bakı şəhərində yaşayırlar. Onlar əllərini ürəklərinin üstünə qoyub burada elan eləsinlər ki, yaşadıqları ərazidə, ümumiyyətlə, bələdiyyənin hansısa fəaliyyəti görünür, ya görünmür. Bir daha təkrar edirəm, görünə də bilməz. Çox təhlükəli məqam da, hörmətli deputatlar, ondan ibarətdir ki, heç olmasa, bu səlahiyyətlər icra hakimiyyətinin əlində olanda onlar məsuliyyət daşıyırdılar. Çünki bir qərar verəndə orada imzaları olurdu və bilirdilər ki, sabah buna cavab verməli olacaqlar. Amma indi onu guya kollegial orqan olan bələdiyyələrə verirlər. Korrupsiyanın, rüşvətin ən yağlı hissəsini özlərinə götürürlər, 5-6 qəpik-quruşu da bələdiyyə sədrinin, ya da bələdiyyə üzvlərinin qabağına atırlar. Bununla da biz çox bərbad, təhlükəli proseslərin şahidi oluruq. Bir daha təkrar edirəm, əgər, həqiqətən də, biz bələdiyyələrin işləməsini istəyiriksə, bələdiyyələri azad, ədalətli seçkilər vasitəsi ilə formalaşdırmalıyıq. O halda, yəni onlar xalq qarşısında öhdəlik daşıyanda yerli icra hakimiyyətindən o cür asılı və qeyd elədiyim kimi, bədbəxt vəziyyətə düşməyəcəklər.
Sonda bir daha diqqəti ona cəlb edirəm ki, hörmətli Oqtay müəllim, təəssüf ki, keçən dəfə biz gündəliyi müzakirə eləmədik. Siz də, bir qayda olaraq, təklif edəndə biz tərəfə baxmırsınız.
Sədrlik edən. Vallah, mənim gözüm həmişə səndədir.
P. Hüseyn. Mənə elə gəlir ki, Avropa Şurasının Parlament Assambleyasında müzakirə ərəfəsində bizim nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllim bizə bu barədə məlumat verməli idi. Bizim əlimizin altında böyük bir məruzə və qərar layihəsi var. Burada Azərbaycanın taleyüklü məsələləri barəsində danışılır. Çox təəssüf ki, heç bir halda, – mən hər halda bu bir il ərzində görməmişəm, – belə mühüm məsələlərin müzakirəsi ərəfəsində Milli Məclis bu sənədlər barədə məlumatlandırılmır. Bu məsələlər burada müzakirə olunmur. Mən qeyd edim ki, burada bizim parlamentin özü haqqında, hakimiyyət bölgüsü haqqında, Milli Məclisin hüquq və səlahiyyətlərinin genişləndirilməsi haqqında da müddəalar vardır. Azərbaycanda digər sahələrlə yanaşı, öz üzərinə götürdüyü...
Sədrlik edən. Pənah bəy, biz burada Avropa Şurasını müzakirə etmirik. Xahiş edirəm, gündəlikdəki məsələ barəsində danışın və reqlamentə əməl edin. Çox təəssüf ki, Avropa Şurası barəsində bizdə yanlış bir fikir yaranıb. Elə bil, bizi bir xortdanla qorxudurlar. Avropa Şurasının tam hüquqlu üzvüyük. Bizi niyə Avropa Şurası ilə qorxudurlar? Biz gedirik, öyrənirik. Bu məsələni, xahiş edirəm, birdəfəlik yaddan çıxarın. Avropa Şurasında iclas olan kimi, qəzetlər başlayırlar ki, Azərbaycan haqqında Avropa Şurasında belə elədilər, nə bilim, elə dedilər. Bu, tamamilə yanlış fikirlərdir. Avropa Şurasında Azərbaycanın imicinə çox yüksək qiymət verildi, yəqin, bundan da xəbəriniz var. Xahiş edirəm, bu məsələni kənara qoyaq.
O ki qaldı bələdiyyələrin məsələsinə, – Siz Avropa Şurasını misal çəkdiniz, – Avropa Şurasının üzvü olan ölkələrdə bələdiyyə təsisatları qanunlara dəyişiklik edilə-edilə on illər ərzində formalaşıb. Siz söylədiniz, İngiltərə, Fransa kimi dövlətlərdə qaz, işıq şirkətlərinin büdcələri şəhərin büdcəsindən də artıqdır.
Bəli, mən də razıyam, bu qanun layihəsi ilə bağlı iradlar da, çox gözəl təkliflər də oldu. Biz bu təkliflərə də baxmalıyıq. Bu birinci oxunuşdur, mən hesab edirəm ki, konseptual cəhətdən hazır qanundur. Hətta o fikirlə razıyam ki, ola bilər, bu, qanun şəklində deyil, qanuna əlavələr şəklində olsun. Buna etiraz yoxdur. Ona görə bura yığılmışıq ki, bu məsələni müzakirə eləyək. Yenə Avropa Şurasından danışacaqsan, Pənah bəy? Xahiş edirəm, axırıncı cümləni de, fikrini yekunlaşdır.
P. Hüseyn. Burada təkliflər səsləndi, biz bəlkə bələdiyyələr haqqında bir məcəllə qəbul edək. 60-dan yuxarı qanun qəbul olunub. Heç kəs onun böyük bir hissəsini yerlərdə oxumur, bilin. Amma mənə elə gəlir ki, indiki qanun yaradıcılığını yekunlaşdıran bir məcəllə olarsa, daha faydalı olar. Hörmətli Oqtay müəllim, səbirlə dinlədiyinizə və şərhlərinizə görə təşəkkür edirəm. Hər halda mən hesab edirəm ki, hər şey yaxşı olacaq və heç də həmişə bələdiyyələri Yeni Azərbaycan Partiyası formalaşdırmayacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, xahiş edirəm, iclası debata çevirməyək. Arif Rəhimzadəyə də söz verəcəyəm, sonra səsverməyə keçərik. Buyurun.
S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi təqdirəlayiqdir, mən də deputat həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Burada məndən əvvəl çıxış edən Pənah bəy sual verdi ki, niyə bələdiyyə üzvlərinin əksəriyyəti Yeni Azərbaycan Partiyasındandır? Yəni sual çox düzgün qoyulub. Mən buna əsaslı şəkildə də cavab verəcəyəm. Azərbaycanda bələdiyyə seçkiləri 2004-cü ildə keçirilibdir. Ola bilər ki, kiminsə xəbəri olub, iştirak edib, kiminsə xəbəri olmayıb, iştirak eləməyib. 20 mindən artıq bələdiyyə üzvü var. Seçkilərdə 40 minə yaxın namizəd irəli sürülmüşdü. 40 min namizəddən 23 minini Yeni Azərbaycan Partiyası irəli sürmüşdü. Bundan başqa, partiya üzvlərinin bəziləri də öz təşəbbüsü ilə namizədliklərini irəli sürmüşdülər. Müxalifətdən imza vərəqəsi götürmək üçün cəmi 1300 nəfər müraciət etmişdi.
Mənim çox yaxşı yadımdadır, bizə ATƏT-in nümayəndəsi gəlmişdi və hörmətli Əli müəllim onu qəbul etdi. Mən də o görüşdə iştirak edirdim. Bizdən xahişi ondan ibarət idi ki, biz bu prosesdə partiya şəklində iştirak etməyək. Biz də sual verdik ki, niyə? Cavab verdi ki, o birilərinin partiya şəklində iştirak etməyə imkanı yoxdur. Ona görə də sizin iştirakınız baxımdan onlar çox pis vəziyyətə düşürlər. Əli müəllimin cavabı mənim yaxşı yadımdadır. Dedi ki, adətən, pis oxuyan tələbəyə əlaçını misal göstərirlər, əlaçıya pis oxuyanı yox. Onlar bizdən nümunə götürməlidir, namizəd göstərməlidirlər, biz onlardan misal götürüb namizədlərimizi geri çağırmamalıyıq.
Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya partiya şəklində iştirak edə bilmədi. Niyə? Çünki namizədləri yox idi. Hətta Mərkəzi Seçki Komissiyası dəfələrlə müxalifət partiyalarına müraciət etdi ki, namizəd verin. Yoxdur. 3-5 nəfər Bakıda yığışıb ancaq bir qəzetdə müsahibə verirdi. Sosial baza məhz bu idi ki, bələdiyyələrə namizəd verə bilmədilər. Ona görə də bələdiyyə üzvlərinin 60 faizindən çoxu Yeni Azərbaycan Partiyasından seçilib və bitərəflərin nümayəndələridir. Mənim yadımdadır ki, 1300 nəfərdən də cəmi 700-ü imza vərəqini təhvil verdi. Halbuki 15 imza tələb olunurdu, böyük tələb yox idi. İndi biz zorla ağacdan müxalifət düzəltməli deyilik ki? Bu, demokratik bir seçkidir. Əgər demokratiyadan, bələdiyyə orqanının seçki yolu ilə formalaşmasından danışırıqsa, onda qanunun aliliyinə hörmətlə yanaşaq. Biz zorla heç kəsi seçdirə bilmərik.
Digər bir məsələ. Görürsən ki, bəzi ölkələrdən misal gətirirlər. Öz idarəetmə strukturuna görə ölkələr fərqlidir. Bir də görürsən, Türkiyədən misal çəkirlər. Türkiyə parlament, Azərbaycan isə prezident üsuli-idarəli respublikadır. Yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri rayon icra hakimiyyəti başçılarıdır. Bələdiyyə yerli özünüidarəetmədir. Bu, tamam başqa bir şeydir. Bir-birinə qarışdırmayın.
İkinci tərəfdən, bəli, tutaq ki, Yasamal rayonu, yaxud da Nərimanov rayonu istəyir ki, kanalizasiya, yaxud elektrik enerjisi sistemini götürsün. Götürə bilməz, mümkün deyil. Çünki kanalizasiyanın bir ucu Xətaidən başlayır, o biri ucu Binəqədiyə gedir. Ortanı kəsib götürməlidir? Elə enerji məsələsi də belədir. Bir şeyi danışanda bunun əsası olmalıdır. Məsələn, İstanbul böyük şəhər bələdiyyəsi deyir ki, mən elektrik enerjisini topdansatış şəkildə dövlətdən alıram, vətəndaşa satıram. Bu mənim funksiyamdır. Bizdə Yasamalın öz bələdiyyəsi, Xətainin öz bələdiyyəsi var. Bunu hansı şəkildə alıb, hansı formada satmalıdır? Elə məsələlər var ki, bunlara illər gərəkdir.
Zaqataladan seçilmiş deputat həmkarım çox gözəl dedi: bu gün bu funksiyanı yerinə yetirməyə bələdiyyə hazırdırmı? Bu funksiyanı yerinə yetirməyə onun strukturları mövcuddurmu, kadr potensialı, resursları varmı? Yoxdur. Namizədlik irəli sürülüb, əhali görüb ki, biri yaxşı həkimdir, digəri yaxşı müəllimdir və hörməti olduğuna görə seçilib. Bu adam onu idarə edə bilərmi, mümkündürmü? Dövlətin idarəetmə sistemi var və bir gündə biz onu iflic vəziyyətinə sala bilmərik. Bu məsələlər tədricən, mərhələli şəkildə həyata keçirilməlidir. Biz qanunvericilik bazasını formalaşdırırıq, ona uyğun olaraq da bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Ona görə də mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Deyir, Aydın müəllim Yeni Azərbaycan Partiyasındandır. Yeni Azərbaycan Partiyasının üzvləri və onu təmsil edən deputatlar çox ləyaqətli, şərəfli, vicdanlı, vətəninə, xalqına, millətinə, dövlətinə bağlı olan insanlardır. Hərəsinin 3-4 ali təhsili var, elmlər namizədi, elmlər doktorlarıdır. Ona görə də fikirləşin, sonra danışın. Bir daha bütün deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Çox sağ olun. Mən çıxış edənlərin hamısına öz minnətdarlığımı bildirmək istəyirəm. Şübhəsiz ki, bu təkliflər nəzərə alınacaqdır. Burada bəzi suallar səsləndi. Ziyafət müəllim bu sualların bir hissəsinin cavabını verdi. Buna baxmayaraq mən istəyirəm, iki məsələ ətrafında sizin fikirlərinizi cəmləşdirəm. Birincisi, heç kəs deyə bilməz ki, bələdiyyələr Azərbaycanda bələdiyyə statusuna uyğun olmayan qurumlardır. Azərbaycan bələdiyyə sistemi Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının tərkibinə qəbul olunmuşdur və inkişaf edir. Burada dünyanın digər şəhərləri ilə müqayisə aparırlar. Dünyada bələdiyyələr, ümumiyyətlə, iki sistemdə olur. Birincisi, yarı dövlət, yarı səsvermə yolu ilə seçilən bələdiyyələrdir. Azərbaycandakı bələdiyyələr digər sistemlə işləyirlər. Bizdə bələdiyyələrin dövlətdən asılacağı yoxdur. O mənada ki, bunlar tam müstəqildirlər. Bunu nəzərə almaq lazımdır.
Burada səsləndi ki, guya Yerli və regional özünüidarəetmə Konqresinin bələdiyyələrlə əlaqədar təklifləri var. O təkliflər sizin stolunuzun üstündədir. Orada tənqidlər olub. Düzdür, belə bir arayış olub, ancaq mən istərdim ki, siz o arayışa kortəbii yaxınlaşmayasınız, onu təhlil edəsiniz. Təhlil edə bilmirsinizsə, o arayışla əlaqədar cavab da var. Arayış 2003-cü ilə aid məsələləri əks etdirir. Azərbaycanda 2003-cü ildən sonra qanunvericilik və digər sahələrdə bələdiyyələrlə əlaqədar görülən işlər haqqında heç bir məlumat yoxdur. Burada iki fikir səsləndi. Bir tərəfdən deyirlər ki, bələdiyyələrə bu qədər səlahiyyəti vermək olmaz, digər tərəfdən də deyirlər ki, bu səlahiyyətlər gərək qəti formada verilsin. Bizim qanunvericilik praktikasına uyğun olaraq qanuna belə müddəaların yazılması düzgün deyil. Bələdiyyələrə verilə biləcək səlahiyyətlər burada qeyd olunub və bu bir-iki ilin işi deyil, uzun müddət tələb edir.
Burada nəzərdə tutulub ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən proqram hazırlanacaq və səlahiyyətlər bu proqram əsasında veriləcəkdir. Bu, respublika səviyyəli proqram olacaq və şübhəsiz, yerli icra hakimiyyəti orqanları da onlardan asılı məsələləri öz proqramlarında əks etdirəcəklər. Bu proqramlarda kadr məsələləri, bələdiyyələrin bu işləri öz üzərlərinə götürmək təcrübəsi, maliyyə təminatı və digər məsələlər öz əksini tapmalıdır. Mən vaxtınızı çox aparmaq istəmirəm. Burada xeyli təkliflər oldu, ancaq bu təklifləri qanuna yazmaq çətin olacaq. Odur ki, kimin təklifi varsa, xahiş edirəm, konkret formada yazın, biz onları mütləq nəzərə alarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, xahiş edirəm, qanun layihəsinin birinci oxunuşda qəbuluna münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 103
Əleyhinə 5
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 111
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. İclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsi Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Sosial siyasət daimi komissiyasının üzvü Elmira Axundovaya söz verilir.
E. Axundova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Çox hörmətli cənab Sədr, çox sağ olun. Biz bu gün çox mühüm bir qanun layihəsini müzakirəyə təqdim edirik. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi daşıyan düzgün siyasət cəmiyyətin demokratik inkişafı səviyyəsinin mühüm göstəricisidir. Bu siyasət məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə, cəmiyyətdə özünü tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verməlidir. Problemin aktuallığı ondan ibarətdir ki, Azərbaycanda məhkumların bir hissəsi azadlığa çıxdıqdan sonra 5 il müddətində yenidən cinayət törədir. Məsələn, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəsmi məlumatına görə, hər il 4 minə yaxın adam azadlığa çıxır, lakin nə vaxtsa cinayət törətmiş təxminən 1000 nəfər yenidən həbsxanaya qayıdır. Rəsmi məlumata görə, bu halda cinayətlərin təkrar baş verməsi 7 faizdən 10 faizə qədərdir. İctimai təşkilatların məlumatlarına görə, bu faiz daha yüksəkdir.
Residivə çoxsaylı obyektiv və subyektiv amillər səbəb olur. Həbsxana mühitinə öyrəşmək, ailə, qohumlar və əmək kollektivi ilə sosial faydalı əlaqələrin zəifləməsi, ya da tamamilə qırılması, təhsilin və peşə hazırlığının yüksək olmaması, cəmiyyətin mənfi münasibəti belə amillərdəndir. Azadlıqdan məhrumetmə yerlərindən çıxanların çoxu əmək və məişət, yeni peşələrə yiyələnmək, əlavə təhsil almaq məsələlərini yenidən həll etməli olurlar və bəziləri üçün bu məsələlər müşkül problemə çevrilir.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində məhkumların bir sıra vəzifə və hüquqları, onların islah-əmək müəssisələrində işlə təmin olunması, maddi-məişət, tibbi-sanitariya, peşə təhsili və peşə hazırlığı, psixoloji və sosial yardım almaq hüquqları və bir sıra digər məsələlər təsbit olunmuşdur. Lakin qüvvədə olan Cəzaların İcrası Məcəlləsi cəzanın icrası müddəti bitdikdən sonra dövlətin və azadlığa çıxan şəxsin münasibətlərini tənzimləmir və sosial yardım göstərilməsi qaydasını müəyyən etmir. Halbuki bu problem son dövrlərdə aktuallıq kəsb edir. Hazırda penitensiar sistemdə geniş miqyaslı islahatlar aparılır, Cinayət-Prosessual Məcəlləsinin bir sıra maddələri humanistləşdirilir. Bütün bu islahatlar beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Bununla yanaşı, dövlət rəhbəri, hörmətli Prezidentimiz İlham Əliyev humanist siyasət apararaq çoxsaylı əfv fərmanları imzalayır və imzalamaqdadır. Məsələn, 1995-2007-ci illərdə əfv haqqında 42 fərman imzalanıb. Bunun nəticəsində 5000 nəfər azadlığa buraxılıb. Bundan əlavə, respublikamızda vaxtaşırı amnistiyalar elan olunur və nəticədə minlərlə insan azadlığa qovuşur. Deməli, penitensiar müəssisələrdən buraxılan və sosial yardıma ehtiyacı olan şəxslərin sayı respublikamızda kəskin surətdə artır. Amma belə yardım göstərilməsinin hüquqi əsasları, dövlət hakimiyyətinin həmin problemlə məşğul olan xüsusi icra strukturları yoxdur. Bu da bir sıra neqativ halların çoxalması və kriminogen vəziyyətin pisləşməsi ilə nəticələnə bilər. Ona görə də adı çəkilən qanun layihəsinin məqsədi həbsdən buraxılan şəxslərin hüquqlarını təmin etməkdən, onlar tərəfindən residivin qarşısını almaqdan, azadlığa buraxılanların uğurlu sosial adaptasiyasının təmin olunması üçün qanunvericilik və normativ hüquqi baza yaratmaqdan, bu şəxslərə əmək və məişət şəraiti yaradılması məsələlərini həll etməkdən, itirilmiş faydalı sosial əlaqələri bərpa eləməkdən ibarətdir.
Qanun layihəsi cəza çəkməkdən azad edilmiş şəxslərə sosial yardım göstərilməsinin hüquqi, təşkilati prinsiplərini və əsas istiqamətlərini, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətlərini müəyyən edir. Qanun 15 maddədən ibarətdir. Qanuna əsas anlayışlar, qanunun tətbiq dairəsi, sosial adaptasiyasının əsas prinsipləri və tədbirləri, cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərini həyata keçirən orqan və müəssisələr, qeydiyyat məsələləri, məşğulluğun təmin olunması, tibbi, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi və digər məsələləri əhatə edən maddələr daxildir.
Qeyd etmək istərdim ki, Sosial siyasət daimi komissiyası qanunları mütəmadi olaraq komissiya üzvləri, aidiyyəti şöbələr və işçi qruplarının birgə səyi ilə hazırlayır. Bu baxımdan müzakirə olunan qanun layihəsi üzərində iş prosesində Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Bir neçə ay ərzində qanun layihəsi üzərində fəal iş getmiş, bir sıra dəyərli təklif və mülahizələr irəli sürülmüş, yuxarıda sadaladığım nazirliklərdən müsbət rəy alınmışdır.
Qanun layihəsinin birinci variantı Sosial siyasət daimi komissiyasının iclasında müzakirə olunmuş, sonra isə qanun Sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclasında baxılmış və bir sıra təkliflər nəzərə alınmaqla bəyənilmişdir. Bu qanun layihəsi hazırlanarkən Rusiya, Belarus, Ukrayna və digər MDB dövlətlərinin təcrübəsi öyrənilmiş, həmçinin Avropa ölkələrinin, beynəlxalq qurumların təcrübəsindən, o cümlədən Avropa Şurası Parlament Assambleyasının 1257, 1656 və 1838 nömrəli tövsiyələrindən istifadə edilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişaf etmiş demokratik dövlətlərdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məsələləri dövlətin və qeyri-dövlət təşkilatlarının diqqət mərkəzindədir. Məsələn, ABŞ Prezidenti ölkədə vəziyyət haqqında illik müraciətində ən kəskin sosial problemlərin həlli və ehtiyacı olanlara yardım göstərilməsi sahəsində strateji istiqamətləri açıqlayaraq xüsusi plan təqdim edir. Planda azadlıqdan məhrumetmə yerlərindən buraxılmış şəxslərə yardım üçün yerli dini qurumların və federal idarələrin səylərinin birləşdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs 300 milyon dollardan artıq vəsaitin ayrılmasını nəzərdə tutur və keçmiş məhbuslara müvəqqəti mənzil verilməsinə, onların peşə hazırlığı keçməsinə, iş yerləri təşkil edilməsinə və sair işlər görülməsinə yönəlmişdir. Bir çox Avropa ölkələrində isə icra hakimiyyəti orqanları nəzdində sosial adaptasiya şuraları mövcuddur.
Hesab edirik ki, bu qanun yalnız o halda səmərəli ola bilər ki, bütün cəmiyyət keçmiş məhbusların sosial adaptasiyası məsələsini dərk etsin və bu kateqoriya şəxslərin sosial inteqrasiya məsələsinə hər vasitə ilə kömək etsin. Bu işdə humanitar, dini və qeyri-hökumət təşkilatlarının da rolu böyük ola bilər. Tənqiddən, etinasızlıqdan səmərəli, əməli işə keçmək lazımdır. Hər işi dövlətin, hökumətin çiyinlərinə atmaq olmaz. Bu yükün bir qismi vətəndaş cəmiyyətinin çiyinlərinə düşməlidir. Bu gün hüquq müdafiəçilərimiz, əsasən, şişirdilmiş və ümumiyyətlə, süni yaradılmış siyasi məhbus problemi ilə məşğul olurlar. Əfv məsələləri komissiyasının üzvləri hüquq müdafiəçilərinin siyahılarını araşdırarkən orada adam oğurluğu ilə, reketçiliklə məşğul olan, hətta terrorçuluqda ittiham olunan cinayətkarların adlarına rast gəlirlər. Belə hallar təəccüb və təəssüf doğurmaya bilməz. Bu qanun layihəsi qəbul edildikdən sonra isə hüquq müdafiəçilərimiz üçün təzə hüquqi sahə yaranacaqdır, çünki qanun layihəsinə əsasən sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində fiziki və hüquqi şəxslərlə yanaşı, qeyri-hökumət təşkilatları da könüllülük əsasında məşğul ola bilərlər. Hər kəs bu humanist və cəmiyyət üçün çox böyük aktuallıq kəsb edən sahəyə öz vətəndaşlıq töhfəsini verə bilər. Hörmətli millət vəkilləri, təqdim edilən qanun layihəsinin təkmilləşdirilməsi və tamamlanması barədə öz qeyd və təkliflərinizi bildirmənizə şad olarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Qanun layihəsinin müzakirəsinə keçirik. Məlahət Həsənova.
M. Həsənova. Çox sağ olun, cənab Sədr. Parlamentin müzakirəsinə verilmiş qanun layihəsi bir daha ölkəmizdə bütün sahələrdə, xüsusən ədliyyə sahəsində uğurla həyata keçirilən islahatların bariz nümunəsidir. Son illərdə ədliyyə sahəsində aparılan islahatlar nəinki Azərbaycan ictimaiyyəti, həm də ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ona görə də parlamentin müzakirəsinə verilmiş bu qanun layihəsini aparılan islahatların davamı kimi qiymətləndirirəm.
Qanun layihəsi ilə bağlı bir neçə fikrimi demək istəyirəm. Elmira xanım Azərbaycanda belə bir layihənin həyata keçirilməsini çox gözəl əsaslandırdı, bu sahədə mövcud olan beynəlxalq təcrübəni xüsusi qeyd elədi. Amma mən heç Avropanın, ABŞ-ın təcrübəsini yox, Azərbaycanın öz təcrübəsini xatırlatmaq istəyirəm. 10 ildən artıqdır ki, Azərbaycanda ulu öndərimizin fərmanı ilə yaradılmış Əfv məsələləri üzrə komissiya fəaliyyət göstərir. Belə bir komissiyanın Prezident səviyyəsində yaradılması, heç şübhəsiz, dövlət siyasətinin humanist tərkibli olmasını göstərir. Bu, cəmiyyətin hər bir üzvünün bu məsələyə diqqətinin artırılmasına yönəlmiş bir siyasətdir.
Mən bu qanunun müsbət, qiymətli cəhətləri ilə bağlı fikrimi bir də onunla əsaslandırmaq istərdim ki, həqiqətən, məhkumluqdan azad olan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası, adaptasiyası ilə bağlı belə bir qanun dünyanın inkişaf etmiş bir neçə ölkəsində var. Yəni məhkum azadlığa buraxılarkən onun cəmiyyətə inteqrasiyası, adaptasiyası üçün dövlətin qayğısı var. Kanadada, Skandinaviya ölkələrinin bəzilərində belə mərkəzlər var. Bu gün Azərbaycanda da belə bir işin aparılması sübut edir ki, doğrudan da, Azərbaycan gündən-günə inkişaf edir, onun dövlət büdcəsi zənginləşir və dövlətimiz nə qədər güclənirsə, onun apardığı sosial yönümlü siyasət də daha sürətlə inkişaf edir. Ona görə mən bu qanun layihəsinə səs verəcəyəm və digər həmkarlarımı da buna səs verməyə çağırıram.
Amma bizim parlament təcrübəmiz göstərir ki, çox vaxt qanunun işləməsi ilə bağlı bəzi vacib məqamlar nəzərə alınmadıqda, yaxud qanun dəqiq, səlis, konkret yazılmadıqda onun həyata keçirilməsində bir çox problemlər yaranır. Biz dəfələrlə təcrübəmizdə görmüşük ki, qanunların işləmə mexanizmi aydın olmadıqda, yaxud konkretlik az olduqda onlar deklarativ sənəd xarakterini daşıyır. Ona görə də mən bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim. Ümumiyyətlə, qarşıya qoyulan problemə yönələn məsələ çox düzgündür. Amma mən qanunun adının başqa cür ifadə olunmasını komissiyanın iclasındakı çıxışımda da demişdim. Çünki “cəza çəkməkdən azad edilmiş” dedikdə, belə çıxır ki, bu ancaq əfv və ya amnistiya ilə azadlığa buraxılan məhkumlara aid olur. Çünki bir il ərzində, yəni 2006-cı ildə əfv fərmanı şamil olunan məhkumların sayı 300-dən artıqdır, müddəti bitdikdən sonra azadlığa buraxılan məhkumlar isə minlərlədir. Ona görə mən təklif edirəm ki, bütün məhkumlara şamil olunsun deyə bu qanunun adı “Penitensiar müəssisələrdə cəza müddəti bitmiş şəxslərin sosial adaptasiyası haqqında” olsun. Belə yazılsa, onda bu həm əfv, yaxud amnistiya qərarı ilə azadlığa buraxılmış şəxslərə, həm də cəza müddəti bitdikdən sonra azadlığa buraxılanlara aid olardı.
İkinci, qanunda 5-ci maddədən sonra ayrıca bir maddənin olması çox yerinə düşərdi. Çünki qanunda cəza müddəti bitmiş şəxslər üçün Sosial adaptasiya mərkəzinin yaradılması göstərilir. Amma bu, qanunda 6-cı maddənin içərisində göstərilir və ona görə tam fərqli bir istiqamətdə gedir. Yəni konkret işə gəldikdə gah Sosial adaptasiya mərkəzi, gah da müvafiq icra hakimiyyəti göstərilir. Ona görə mən təklif edərdim ki, qanun layihəsində xüsusi bir maddə olsun və o, “Sosial adaptasiya mərkəzinin vəzifələri” adlansın.
6.1.3-cü maddədə göstərilir ki, yaşayış sahəsi olmayan şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil-məişət şəraiti ilə təmin etmək. Bu gün onsuz da bütün dünyada belə bir problem var. Yəni Azərbaycanda da mənzil şəraiti olmayan insanlar var. Onda belə çıxır ki, azadlığa buraxılandan sonra məhkumların mənzillə təmin olunmasına daha çox şansı var, nəinki azadlıqda olanların. Ona görə mən təklif edərdim ki, 6.1.3-cü maddə belə olsun: mənzil-məişət probleminə kömək etmək. Bu formada verilməsi sonrakı maddələrdə göstərilən məsələlərə də aydınlıq gətirər.
7.3-cü maddədə yazılıb ki, sosial adaptasiya müddəti bir ildir. Birincisi, bu bir il nəyin əsasında götürülüb, bunun əsası varmı? İkincisi isə belə bir qaranlıq məqam var: azadlığa buraxılmış elə şəxs var ki, o, 3 il azadlıqdan məhrum edilmişdir, elə məhkum da var ki, qatı cinayətkardır. Onda belə çıxır ki, adi, yəni nisbətən yüngül cinayət törətmiş, cəzası az olan məhkumla ağır cinayət törətmiş məhkum arasında heç bir fərq yoxdur. Amma əslində, bunların psixoloji vəziyyətləri tam fərqlidir. Ona görə xahiş edərdim ki, bu maddə belə verilsin: ”Fərdi qaydada olmaqla bir ildən gec olmayaraq sosial adaptasiya müddəti həyata keçirilir. Bu müddət müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanlarının ümumi razılığı ilə uzadıla bilər”. Belə olduqda artıq məhkuma da fərdi qaydada yanaşma olacaq.
Sonra, həmkarlarımın diqqətini 9.1, 9.2-ci maddələrə cəlb etmək istərdim. Bu maddələr çox böyükdür. 9.1-ci maddədə dörd mənalı fikir var, 9.2-ci maddədə də həmçinin. Olmazmı ki, 9.1 və 9.2-ci maddələrin hərəsi bir neçə maddəyə bölünsün. Mən bunu oxumaqla vaxtınızı almaq istəməzdim, çünki hər birinizdə qanun layihəsi var. 9.1-ci maddə özündə gözəl məsələlərin həllini ehtiva edir, ona görə bunlar 3 yarımbənddə göstərilsə, daha yaxşı olardı. Bu, 9.2-yə də aiddir. Bu qədər böyük bəndin olması, mənə elə gəlir ki, həm qanunun dilini ağırlaşdırır, həm də mürəkkəb bir fikir olur. Bu qanunu hər bir vətəndaşın oxuyub başa düşməsi üçün bunları nəzərə alsaq, daha yaxşı olar.
9.3-də qeyd olunur ki, cəza çəkməkdən azad edilmiş 14 yaşadək. Məncə, 14 rəqəmini götürmək də yaxşı olardı. Belə verilsəydi, daha yaxşı olardı: “Himayəsində yetkinlik yaşına çatmayan uşaq olan cəza müddəti bitmiş şəxslər”.
Nəhayət, 11-ci maddədə “yoluxucu xəstəlik” və sair yazılıb. Bunu daha konkret yazmaq olar: “ətrafdakılar üçün təhlükəli olan xəstəliklərə tutulmuş”. Bu cür yığcam verilsə, daha yaxşı olardı. Bir daha həmkarlarımı bu qanuna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən əsas məsələyə keçməmişdən qabaq istəyirəm, təklif verəm ki, çıxışlar 5 dəqiqə olsun. Çıxışların 5 dəqiqəyə endirilməsini məndən başlayaq ki, başqaları inciməsinlər. Çünki birinci oxunuşdur və yaxşı olar ki, qanun layihəsinə konseptual baxımdan münasibət bildirək.
Əziz həmkarlar, hörmətli mətbuat nümayəndələri! Bu gün, həqiqətən də, etiraf olunmalıdır ki, Azərbaycanda penitensiar sistemdə çox ciddi islahatlar aparılmaqdadır. Mən şəxsən bunun canlı şahidiyəm, çünki penitensiar sistemə ictimai nəzarət üzrə Ədliyyə Nazirliyində ayrıca bir şura fəaliyyət göstərir və onun seçilməsində 2 nəfər millət vəkili – hörmətli Rəbiyyət xanım və mən iştirak edirik. Həmin şuranın bilavasitə tərkibi qeyri-hökumət təşkilatlarından, ictimai birliklərdən formalaşıb. Bu, Avropa Şurası məkanında çox gözəl bir nümunədir. Bu gün penitensiar sistemin problemləri, çətinlikləri və bu sistemin divarlarından azad olan insanların sonrakı taleyi ilə bağlı, təvazökarlıqdan uzaq da olsa, az-çox bizdə məlumat var və bu məlumata əsasən mən fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Əvvəla, ondan başlayım ki, həmkarım Məlahət xanım çox haqlı qeyd etdi, qanunun adında dəyişiklik etmək lazımdır. Çünki burada göstərilir ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər. Mən başa düşdüyüm qədər bunlar əfv və digər normativ hüquqi aktlarla azad olunan şəxslərə aid edilir. Ziyafət müəllim narazılığını ifadə edir, yəqin ki, buna arayış versə, daha yaxşı olar. Əgər belə deyilsə, bu, bilavasitə bütövlükdə məhz penitensiar cəza müəssisələrindən azad olmuş şəxslərə aid edilirsə, onda sual yoxdur. Əgər belə olarsa, onda, həqiqətən də, çox ciddi problemlər yarana bilər. Çünki təkcə 2006-cı ildə 4351 şəxs cəzasını çəkərək azadlığa çıxıbdır. Əfvlə isə yalnız 250-yə yaxın şəxs azad olunub. Ona görə də, bu, böyük bir kontingentin belə bir imkandan məhrum olması deməkdir. Buna aydınlıq gətirilsəydi, yaxşı olardı.
Qanunun müddəaları ilə bağlı çox ciddi fikir söyləmək istəmirəm. Hesab edirəm, bu, kifayət qədər normal hazırlanıbdır və yalnız müəyyən təshihlərə ehtiyac var. Yəqin, həmkarlarım tərəfindən bu da qeyd olunacaqdır. Ancaq məni maraqlandıran başqa məsələdir. Bizim qeyri-hökumət təşkilatlarının apardığı araşdırma və monitorinqin nəticəsində belə bir rəqəm alınıb ki, bu gün penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, müddəti başa çatmış şəxslərin 62 faizi çox pis vəziyyətdədir. Onlar normal həyatlarını qura bilməyiblər, ictimai həyata inteqrasiya edilməyiblər, qeydiyyat məsələlərində problemlər var, işlərindən, ümumiyyətlə, danışmağa dəyməz.
Mənə belə gəlir ki, biz çox gözəl qanunlar qəbul edirik, amma ən önəmli iş bu qanunların icrası ilə bağlıdır. O baxımdan düşünürəm ki, bu gün bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə nəzarəti gücləndirməlidir. Məsələn, işə götürənlərin, bilirsiniz, heç də hamısı bu tipdə insanları çox böyük məmnuniyyətlə işə qəbul etmir. Təbii ki, mən psixoloji durumu da qəbul edirəm və anlayıram ki, böyük cinayət törətmiş şəxsləri yuxarı başa əyləşdirmək də düzgün deyil, bir az çətindir. Amma, eyni zamanda, gəlin, etiraf edək ki, bu gün cəmiyyətdə keçmiş məhbuslara münasibət adekvat deyil. Ona görə də burada müəyyən bir ictimai nəzarət olmalıdır və işə götürənlərin bu istiqamətdə müəyyən öhdəlikləri olmalıdır.
Bütövlükdə isə mən hesab edirəm, bu qanun layihəsi qəbul olunduqdan sonra ən önəmli uğurlardan biri ondan ibarət olacaq ki, həmin şəxslər yenidən cinayət törədib cəza evinə qayıtmayacaqlar. Əgər onların sosial reabilitasiyası doğru şəkildə həyata keçirilərsə, uğurlar əldə olunarsa, mən şübhə etmirəm ki, müxtəlif yaş kateqoriyasına malik insanlar özlərinin keçmiş səhvlərindən nəticə çıxarıb, bir daha cinayət törətməyəcəklər.
Yekunda istərdim ki, mən bir maddəyə diqqətinizi cəlb edəm. İstərdim ki, bu qanunun bütövlükdə həyata keçirilməsi ilə bağlı məsuliyyət bölməsində xüsusi bir nəzarət mexanizminin yaradılması da, mövcud qumların birinə bunun ayrıca həvalə edilməsi də öz əksini tapsın. Bütövlükdə həmkarlarıma və layihəni hazırlayan bütün insanlara təşəkkürümü bildirirəm. Hesab edirəm ki, qanun layihəsi çox aktualdır və bunu qəbul etmək olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif edildi ki, çıxışlar 5 dəqiqə olsun. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda 5 dəqiqə edirik. Azay müəllim, bəli, qanunun adı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”dır. Bu ad Sizin dediyiniz hər iki məsələni özündə ehtiva edir. Amnistiya ilə azad olunmuşlarla cəzasını çəkib azad olunmuşların nə fərqi var? Bu, eyni fikirdir.
Məlahət xanım da 3 il cəza çəkənlərlə 10 il cəza çəkənlərin fərqi barədə danışdı. Yüngül cəza törədib, cəzasını 3 il çəkib. Bunu məhkəmə aydınlaşdırır. 10 illik cəza çəkənin də uyğun cəzasını verib. Bunu ayırmağın da mənasını görmürəm. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qanunun adına olan iradla razılaşıram və hesab edirəm ki, bu ad bizim nəzərdə tutduğumuz məqsədi ehtiva etmir. Yəni burada dəqiq göstərilməlidir ki, əfv və amnistiya ilə cəza çəkməkdən azad edilmiş şəxslərlə cəza müddəti bitmiş şəxslər bir-birindən fərqlənirlər. Bunu fərqləndirmək hər halda terminoloji baxımdan daha düzgün olar.
İkinci bir məsələ. Təbii ki, bu qanunun qəbul olunmasına böyük bir ehtiyac var. Azərbaycanda ən uğurlu islahatlar bəlkə də bu sahədə aparılır. Bunu etiraf etmək lazımdır. Artıq azadlıqdan məhrumetmə yaşamaqdan, tibbi xidmətdən məhrum etmək kimi anlaşılmır. Bu sahəyə baxan müvafiq dövlət qurumları tərəfindən həbsxanalarda şəraitin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılır. Rayonlarda, bölgələrdə yeni həbsxanaların tikilməsi insanların öz yaxınlarına baş çəkməsi, onların problemləri ilə maraqlanması üçün münbit şərait yaradır.
Bu sahədə müəyyən irəliləyişlərin olduğunu qeyd etməklə yanaşı, mən bu qanunla bağlı fikirlərimi söyləmək istəyirəm. Düşünürəm ki, qanundan bir az real olmayan bir sıra müddəalar çıxarılmalıdır. Bu nə ilə bağlıdır? Məsələn, mənzil-məişət şəraitinin yaxşılaşdırılması. Çox qəribədir, heç millət vəkillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında ortaya çıxan problemləri həll etmək imkanına sahib olmayan bir vəziyyətdə biz həbsxanadan çıxmış adamların mənzil-məişət şəraitini hansı formada yaxşılaşdıracağıq? Yaxud da göstərilir ki, icra hakimiyyətləri bu barədə müəyyən addımlar atmalıdırlar. Hansı addımlar atmalıdırlar? Ona görə də biz bu müddəaları qanuna salmaqla, həm həbsxanadan çıxmış insana yalançı ümidlər veririk, həm də icra hakimiyyətlərini çətin vəziyyətdə qoyuruq.
Yaxud da yazılıb ki, kvotalaşdırılmış iş yerləri ilə təmin oluna bilər. Ölkədə müəssisələrin əksəriyyəti özəl mülkiyyətə verilib. İcra hakimiyyəti özəl müəssisələrə tapşıracaq ki, bu, həbsxanadan çıxıb, onu işə götür? Bu cür yanaşma olmaz. Mənə elə gəlir ki, bu qanunun daha yaxşı işləməsi üçün ümumi respublika səviyyəsində ciddi çalışan, ciddi nəzarət altında olan reabilitasiya mərkəzi yaradılmalıdır. Həbsxanadan çıxmış vətəndaşların bir il müddətində bu mərkəzdə müəyyən mənada bu prosesi keçməsi öz arzuları ilə təmin olunmalıdır. O baxımdan burada qeyri-real mənzil-məişət şəraitindən daha çox bu insanlara birinci növbədə tibbi yardımla bağlı konkret müddəalar olmalıdır. Çünki onların böyük əksəriyyəti oradan xəstə, yaxud da səhhəti ilə bağlı problemlərlə çıxır. Birinci növbədə bunu həll etmək lazım gəlir. Məsələn, qayıdanda evlərində problem olur. Hansı icra hakimiyyətinin əlində yataqxana var ki, buradan çıxan insanları yataqxana ilə təmin eləsin? Ona görə də bunun həlli reabilitasiya mərkəzi formasında olmalıdır.
Burada göstərilir ki, bu vəsait dövlət büdcəsindən maliyyələşdirilir. Əgər dövlət büdcəsindən mücərrəd maliyyələşdirmə məsələsi olsa, bu, bir yeyinti mənbəyi olacaqdır, bu pul heç həmin şəxslərə də gedib çatmayacaqdır. Konkret ünvan göstərilməsə, hesab edirəm ki, bu sahədə də irəliləyiş olmayacaqdır.
Çox vacibdir ki, başqa ölkələrdə cəza çəkmiş şəxslərlə bağlı müddəalar dəqiqləşdirilsin. Burada göstərilir ki, onlar 3 ay müddətində müraciət etsələr, baxıla bilər. Məncə, bu müddət 6 aya qaldırılmalıdır və həmin şəxslərin bu maddədən yararlanmaq imkanları ciddi şəkildə nəzərə alınmalıdır. Çünki Azərbaycandan başqa ölkələrdə cəza çəkənlərin sayı da kifayət qədər çoxdur. Biz nəzərə almalıyıq ki, bunların bir qismi Azərbaycan vətəndaşlarıdır, onların da hüquqları qorunmalıdır. Mən hesab edirəm ki, bu qanunun müddəalarının tədqiqi ilə bağlı müəyyən problemlər o vaxt aradan çıxacaq ki, ümumiyyətlə, cəzaçəkmə yerlərindən azad olmuş şəxslərə cəmiyyətdə münasibət dəyişsin. Çünki bu adamları işə götürən yoxdur. Bu adamların hətta keçmişdə yaşadıqları evə qəbul edilmədiyi bir çox hallar da olur. Ona görə də bu məsələlərlə daha ciddi, xüsusi məşğul olan dövlət qurumu olmalıdır. Mən reabilitasiya mərkəzlərinin bu istiqamətdə fəaliyyət göstərməsini daha vacib hesab edirəm. Ümumiyyətlə, bu qanunun aktual olduğunu qeyd edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hansı formada qəbul edilməsindən asılı olmayaraq, hesab edirəm ki, müzakirə olunan maddələrin qəbulu cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli rol oynayacaq. Hamımıza məlumdur ki, azadlıqdan məhrumetmə yerlərində məhkumlar həmişə nəzarət altında olurlar, onlar bir rejim şəraitində yaşayırlar. Bu insanlar, xüsusi ilə uzun müddət azadlıqdan məhrum olunmuş insanlar azadlığa çıxdıqda isə məişət-mənzil, tibbi yardım xarakterli bir çox problemlər yaranır. Ən əsası isə bu insanlar cəmiyyətdə özlərinin etiraf olunmasını, onlara insani münasibət olmasını istəyirlər. Mən hesab edirəm ki, bu qanunun qəbulu və həyata keçirilməsi, əlbəttə, bu problemləri tam həll edə bilməyəcək, ancaq bu istiqamətdə ciddi addım olacaq.
Elmira xanımın dediyi kimi, qanun layihəsi komissiyaların birgə iclasında müzakirə olundu, mən də iclasda çıxış etdim. Orada dediyim iradların bir çoxu nəzərə alınıbdır. Ancaq mən elə hesab edirəm ki, bu qanunun redaktə olunmasına böyük ehtiyac var. Məsələn, 3.2-ci maddədə bir cümlədə iki dəfə “müəyyən olunmuş” ifadəsi işlənib. Yaxşı olardı ki, biri “müəyyən olunmuş”, digəri “nəzərdə tutulan” kimi yazılsın. Yəni “cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu qanunla nəzərdə tutulan tədbirlər yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada”. Cümlənin sonunda da “məhdudlaşdırılan şəxslər” yox, “şəxslər barəsində məhdudlaşdırıla bilər” kimi yazılsın. Çünki münasibətlərdə bu alınmır.
4-cü maddədə yazılır ki, cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya aşağıdakı prinsiplər əsasında göstərilir. Sosial adaptasiya tamaşa deyil, göstərilmir. O bir uyğunlaşma prosesidir. Bu proses həyata keçirilir. “Həyata keçirilir” yazsanız, daha yaxşı olar.
Mənə elə gəlir ki, 9.5-ci maddə “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş” sözləri ilə başlamalıdır, “cəza çəkməkdən azad edilmiş şəxslər” ifadəsi sonra əlavə olunmalıdır. Bilirsiniz, gərək qanunda hər şey müəyyən bir sistemlə verilsin. Bir yerdə “sosial və tibbi yardıma” yazırlar, başqa yerdə “tibbi və sosial yardıma”. Hesab edirəm ki, 13.1-də “sosial və tibbi yardıma“ yazılsa, daha yaxşı olar.
Nəhayət, mən çıxışımın əvvəlində niyə dedim ki, hansı formada olmasından asılı olmayaraq? Düzdür, Elmira xanım çıxışında bu məsələyə toxundu, dedi ki, Cəzaların İcrası Məcəlləsində dəyişiklik etmək olmaz. Çünki ancaq cəzalarla qurtarır. Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsi var, bu məsələləri ümumi şəkildə əhatə edir. Onu genişləndirib, bu maddəni də ora salmaq olar. Sovet dövründə adaptasiya məsələləri islah-əmək hüququnda öyrənilirdi. Yəni 170-ci maddəyə salmaq olar. Söhbət ondan gedir ki, bu, prinsipial xarakter daşımır. Məncə, salınsa, daha yaxşı olar. Qanundan istifadə etmək baxımından da yaxşı olar. O da prinsipial əhəmiyyət kəsb etmir. Hansı formada qəbul edilməsindən asılı olmayaraq, bu, gözəl qanundur. Hesab edirəm ki, biz bunun qəbuluna çalışmalıyıq. İlk növbədə ona çalışmalıyıq ki, azadlıqdan məhrum edilmiş şəxslər cəmiyyətə qayıdanda onlara insani münasibət olsun və əməllərinə baxmayaraq cəmiyyət tərəfindən etiraf olunsunlar. Təkrar edirəm, bu qanun atdığımız ciddi addımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, mən əvvəlcədən vurğulamaq istəyirəm ki, bu çox zəruri bir qanun layihəsidir və cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə adaptasiya olunması, onların cəmiyyətin layiqli bir üzvünə çevrilməsi istiqamətində qanunvericilik hakimiyyətinin gördüyü çox mühüm qanun yaradıcılığı tədbirlərindən biridir. Bu, dövlətin bu məsələ ilə bağlı siyasi iradəsini özündə əks etdirən mühüm bir sənəddir. Bu qanun layihəsi mənim də üzvü olduğum Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında və daha iki komissiyanın birgə iclasında işgüzar bir şəraitdə müzakirə olunub, Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Mən əvvəlcədən bu qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da layihənin qəbul olunmasına səs verməyə dəvət edirəm.
Mən istərdim ki, bəzi məsələlər barədə öz mülahizələrimi bildirim. Birincisi, həmkarlarımın qanunun adı ilə bağlı bir sıra iradları oldu. Mən hesab edirəm ki, qanunun adı fikri çox düzgün ifadə edir. Çünki cəzadan azad olmanın bir sıra hüquqi əsasları ola bilər. Bu hüquqi əsaslar içərisində məhkəmənin qərarı da ola bilər, digər normativ aktlar da ola bilər, müddətin bitməsi də ola bilər. Müddətin bitməsi özü cəza çəkməkdən azad olmanın hüquqi əsaslarından biridir.
Digər tərəfdən, istərdim ki, burada “şəxslər” sözü “məhkumlar” sözü ilə əvəz olunsun. Amma istəməzdim bu təklifi verim. Çünki bir tərəfdən “məhkumlar” sözü onların hüquqi statusunu düzgün müəyyən etsə də, digər tərəfdən bu insanları “məhkum” sözü ilə damğalayıb cəmiyyətə buraxmağın özü də düzgün olmazdı.
Mən qanun layihəsinin 1.0.2-ci maddəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu maddədə cəza çəkməkdən azad edilmiş şəxslərin dairəsi müəyyən olunur. Burada azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəza çəkməkdən azad edilmiş, habelə cəzasını çəkmədən şərti azad olunmuş, cəzanın qalan hissəsini çəkməkdən azad olunmuş şəxslər göstərilir. Bu dairədə 2 qrup insanlar var, onları da bura əlavə etmək lazımdır. Bunlar ümumi əfv və amnistiya aktı ilə azadlığa buraxılan şəxslərdir. Hesab edirəm ki, onların da burada göstərilməsi bu maddəni daha dolğun edərdi.
Texniki xarakterli başqa bir təklifim var. Söhbət 4-cü maddədən gedir. Burada göstərilir ki, cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya aşağıdakı prinsiplər əsasında göstərilir. Bir maddədir. 6 yarımbənddə 6 prinsip sadalanıb. Hesab edirəm ki, bu 6 prinsipin hər birini ayrı-ayrı sadalamaqdansa, elə maddəni nəqli cümlə formasında yazıb, o prinsipləri orada sadalamaq daha düzgün olardı.
Sonra, mən 9.4-cü maddəyə həmkarlarımın diqqətini cəlb etmək istəyirəm. Burada göstərilir ki, 60 yaşına çatmış kişilər, 55 yaşına çatmış qadınlar, birinci və ikinci qrup əlil olan məhkumlar cəza çəkməkdən azad olunandan sonra öz ərizələrinə və cəza çəkdikləri müəssisənin müdiriyyətinin təqdimatına əsasən qocalar və ya əlillər evlərinə yerləşdirilirlər. Bu müddəanı yazan, yəqin ki, formal baxımdan Cəzaların İcrası Məcəlləsinin 175.3-cü maddəsinə əsaslanıb, çünki orada həmin müddəa bu formada təsbit olunub. Amma mən hesab edirəm ki, cəza çəkməkdən azad olunan həmin şəxsi əgər biz cəmiyyətə adaptasiya eləmək istəyiriksə, onu bir də təkrarən cəza çəkdiyi müəssisəyə göndərib müdiriyyətin təqdimatını almaq düzgün olmazdı. Çünki həmin müəssisə haqqında onun psixi durumunda müsbət tərəfdən heç nə qalmayıb. Ona görə də mən təklif edərdim ki, həm bu qanunda, həm də Cəzaların İcrası Məcəlləsində bu müddəa başqa formada yazılsın və təqdimata da ehtiyac yoxdur. Əgər söhbət adaptasiyadan gedirsə, onun ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanı onu göndərə bilər.
Bundan başqa, sırf texniki xarakterli başqa bir təklifim də var. Söhbət 12-ci maddədən gedir. Orada belə bir ifadə var: “orta peşə-ixtisas və texniki-peşə təhsili”. Orada “orta” sözündən sonra gələn “peşə” sözü, mən hesab edirəm ki, mexaniki səhvdir. Mən təkrarən həmkarlarımdan bu qanun layihəsini dəstəkləməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Qanun layihəsinin adı ilə bağlı növbəti çıxışlarda mübahisə qalxmasın deyə, istəyirəm, bu məsələyə nöqtə qoyaq. Bizim hörmətli cənab Sədr bu məsələyə kifayət qədər aydınlıq gətirdi. Bir halda ki, bu məsələ yenə qaldırıldı, onda mən bir daha buna aydınlıq gətirməyə borcluyam. Burada təklif olunur ki, deməli, “cəza çəkməkdən azad edilmiş” sözlərinin əvəzinə “müddəti başa çatmış” ifadəsi işlənsin. Yaxşı, biz bunu penitensiar müəssisələrdə cəza müddəti başa çatmış şəxslərin azad edilməsi və ya azadlığa buraxılması haqqında qanun adlandırsaq, onda əfv və amnistiya qaydası ilə azad olunanlar necə olsun? Onlar burada ehtiva olunmurlar. Ona görə də hesab edirəm ki, qanunun hazırkı adı bu məsələni tamamilə ehtiva edir.
Yeri gəlmişkən, burada Cəzaların İcrası Məcəlləsinin adı çəkildi. Həmin məcəllənin 167-ci maddəsində cəza çəkməkdən azad edilmənin əsasları göstərilir.
Orada yazılır: “Cəza müddəti qurtardıqda, hökmün ləğv edilməsi ilə əlaqədar işin icrasına xitam verildikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, amnistiya və ya əfvetmə aktına əsasən xəstəliyə və ya qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə”. Azay müəllim, qanun layihəsinin adı bu məsələni tamamilə ehtiva edir və Cəzaların İcrası Məcəlləsində bu məsələ çox yaxşı izah olunur. Fuad Muradov.
F. Muradov. Çox sağ olun. Ziyafət müəllim, çox vaxtında ad ilə bağlı dəqiqləşmə apardınız və hesab edirəm ki, Sizin dediklərinizdən sonra bu problem aradan qalxmalıdır. Təbii ki, bu cür sistemin, yəni sosial adaptasiyanın təqdim olunması ölkə üçün çox müsbət bir haldır. Çünki, adətən, belə maliyyə yüklü tədbirlərin həyata keçirilməsi, yəni reabilitasiya mərkəzlərinin yaradılması, onların geniş vüsət alması təkcə o ölkələrdə şamil olunur ki, orada büdcə buna imkan verir. Ona görə də Azərbaycanda da bunun tətbiq olunması çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, hesab edirəm ki, zamanında qəbul edilən vacib bir qanun layihəsidir. Çünki Azərbaycanda penitensiar sistemdə islahatlar başlanıb və beynəlxalq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Təbii ki, ölkə başçısının penitensiar sistemdə islahatları dəstəkləməsinin də bu sahənin düzgün istiqamətdə inkişafında böyük rolu var. Özüm də hesab edirəm ki, belə bir qanun layihəsinin müzakirə və qəbul olunması çox vacibdir və həmkarlarımı buna səs verməyə çağırıram.
Bir neçə məqam var ki, mən onu rəsmi olaraq müvafiq komissiyaya təqdim eləyəcəyəm. Amma mən bir neçə vacib məsələyə toxunmaq istəyərdim. Birincisi, sosial adaptasiya deyəndə biz daha çox insanların reabilitasiyasından danışırıq. Biz onu düşünməliyik ki, bu insanlar uzun müddətdən sonra yeni həyata qədəm qoyurlar. Onların bu həyatda normal addımlar atması üçün həmin mərkəzlərin yaranması vacibdir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu mərkəzlərin yaranması heç də asan məsələ deyil. Belə mərkəzlərin yaranması və bunun necə olması ilə bağlı bütün dünyada hələ də mübahisələr və müzakirələr gedir.
Bir statistikanı da burada vurğulamaq istəyərdim. Burada beynəlxalq təcrübədən danışıldı. Beynəlxalq təcrübəyə, statistikaya görə, həmin insanların 60 faizi məhz reabilitasiya mərkəzlərində islah olunurlar. Yəni bəzi ölkələrdə, xüsusən də inkişaf etmiş ölkələrdə reabilitasiya mərkəzlərinin rolu çox böyükdür. Bəzi hallarda reabilitasiya mərkəzlərinin yaranması müəyyən penitensiar müəssisələrin dəyişməsinə gətirib çıxarır. Bu gün biz bu mərkəzlərin yaranmasından danışırıqsa, təbii ki, gələcəkdə büdcəyə baxmalıyıq. Çünki burada dövlətin üzərinə böyük bir məsuliyyət düşür. Bayaq vurğulandı, burada məşğulluğun təmin edilməsindən tutmuş, mənzillə təmin edilməyə qədər müxtəlif məsələlər var. Təbii ki, bu məsələ maliyyə tutumu ilə bağlı olduğuna görə biz büdcəyə bir daha baxmalıyıq.
Burada bir neçə maddədə “borcludur” sözü qeyd olunur. Mən hesab edirəm ki, bu söz “eləməlidir” və ya “olunmalıdır” sözləri ilə əvəz edilməlidir. Çünki dövlət qurumu bunu ixtiyarına götürürsə, eləyir. Yəni burada borc söhbəti ola bilməz.
Maddə 5-də çox ciddi bir məsələ var. Burada yazılır ki, bəzi qeyri-hökumət təşkilatları, bələdiyyələr, fiziki şəxslər könüllülük əsasında həmin prosesə qatıla bilərlər. Mən hesab edirəm ki, hər qeyri-hökumət təşkilatı bunu edə bilər. Amma burada mütləq müəyyən dövlət qurumuna məlumat verilməlidir. Çünki bizim praktikamızda var, hər hansı bir beynəlxalq təşkilat Azərbaycana gəlir, fəaliyyət göstərir və mühüm sosial qruplarla işlər aparır, amma heç bir dövlət qurumunun bu haqda məlumatı olmur. Ona görə də hesab edirəm ki, mütləq müvafiq dövlət qurumuna bu barədə məlumat verilməlidir. Burada heç bir məhdudiyyətdən deyil, sadəcə olaraq, məlumatlandırmaqdan söhbət gedir.
Maddə 9.1-də deyilir ki, həmin insanlar ailəyə qaytarıla bilərlər. İstisna hal kimi ailəyə qarşı törədilmiş cinayətlər göstərilir. Mən hesab edirəm ki, biz bura “ağır cinayətlər törəmiş şəxslər də istisna olmaqla” sözlərini əlavə etməliyik. Bu məsələ geniş müzakirə ediləndən sonra həmin insanların ailədə qəbul olunması, yaxud qəbul olunmaması məsələsi gündəmə gələ bilər.
Növbəti məsələ 13.1-ci maddə ilə bağlıdır. Orada konkret göstərilir ki, müvafiq icra qurumları tərəfindən müəyyən şəxslərə birdəfəlik pul yardımı ödənilməlidir. Burada konkret məbləğ göstərilsə, yaxşı olardı. Yəqin ki, ikinci oxunuşda buna yenə qayıda bilərik. Xüsusi vurğulamaq istədiyim növbəti məsələ yeniyetmə yaşına çatmayan və ya yeniyetmə yaşını keçən...
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Biz reqlamenti 5 dəqiqə elədik, ona görə də xahiş edirəm, reqlamentə əməl edin. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunmuş qanun layihəsi humanist addım kimi qiymətləndirilə bilər və hesab edirəm ki, gələcəkdə bu qanunun müvafiq müddəalarının təsdiqinə ehtiyac var. Lakin bu gün qanun layihəsi reallığı əks etdirmir. Bunun da bir çox səbəbləri var. Birincisi, qanun layihəsi ilk növbədə ona baxmalıdır ki, şəxs penitensiar müəssisədən cəmiyyətə islah olunub qayıdır, yoxsa islah olunmayıb. Ola bilər ki, bu insan hər hansı bir zəlzələdən, ya vəlvələdən, ehtiyatsızlıq üzündən cəza törədib. Bu, penitensiar müəssisəyə gedir və olan-qalan tərbiyəsi də, işgüzarlığı da pozulur və bundan sonra bilmədiklərinin üstünə bir az da qoyub cəmiyyətə qayıdır. Biz əvvəl baxmalıyıq ki, bu insan orada islah olunubmu? Amnistiyaya, əfvə düşən insanlara da həbsxanada arayış verilir ki, guya bu dövr ərzində onlar islah olunub və cəmiyyətə qayıda bilərlər. Görürsən ki, bir həftədən sonra o, yenidən köhnə dostlarının yanına qayıtmaq arzusundadır və bunu həyata keçirir. Bunun bir səbəbi var. İslah-əmək müəssisələrində insanları ancaq əməklə tərbiyə etmək olar. Bu prinsip yoxdur. Əgər bu adam sürücüdürsə, gedib orada peşəsini də yaddan çıxarır.
Dünya praktikasında belə bir forma mövcuddur ki, əgər bu, qəsdlə cinayət törətməyibsə, ehtiyatsızlıq üzündən cinayət törədibsə, onun islah olunması üçün müqavilə bağlanır. Bu adam tikintilərdə, fermer təsərrüfatlarında və sair yerlərdə işləyir, islah olunur, tərbiyələnir. Qazandığı məbləğin bir hissəsi onun saxlanmasına sərf olunur, digər hissəsi isə yığılır, o, azadlığa çıxdıqdan sonra bundan istifadə olunur. Bu gün bizdə bunlar təsbeh, nərd taxtası düzəltməkdən başqa hansı funksiyanı yerinə yetirirlər və azadlığa çıxdıqdan sonra hansı addımları atacaqlar? Cəmiyyətdə belələrinin islah olunması çox çətindir. Qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə olunanda cəmiyyətlə bağlı öz fikrimizi də bildirərik.
Qanunun 4-cü maddəsində yazılır ki, sosial adaptasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir. Elə bil, siyasi partiya yaradırlar. Qanunçuluq, humanizm, sosial ədalət, nə bilim, ünvanlılıq və sair. Bilirsiniz, qanunu boş sözlərlə yükləməyə ehtiyac yoxdur. Elə bil ki, hərbi hissə haqqında qanun qəbul edilir. Məxfilik nədir? Əgər bu, cəmiyyətə təqdim olunursa, cəmiyyətdə də islah olunmalıdır. Bu necə məxfi islah oluna bilər? Yazılır ki, könüllülük prinsipi. Əgər bunu islah olunmağa göndərirlərsə, bu deyir ki, mən gərək könüllü islah olunam, könülsüz islah oluna bilmərəm? Yəni yanaşmanın özü düzgün deyil.
Sonra, maddi təminatla bağlı demək istəyirəm. Mən bilmirəm, qanun maliyyə ekspertizasından keçib, ya keçməyib? Bunun maddi təminatı haradan olmalıdır? Vətəndaşlara da, fiziki şəxslərə də, hüquqi şəxslərə də yükləyirik ki, bunlar adaptasiya olunsunlar deyə, siz bunlara maliyyə ayırmalısınız. Törətdiyi cinayət bir yana qalsın, hələ bunlara pul da ayırmalıyıq. Mən hesab edirəm ki, bu məsələlərə yanaşmalarda ciddi olmalıyıq. Uşaq evlərində böyüyüb başa çatanların əksəriyyəti ehtiyac ucundan qayıdıb orada yaşayırlar. Onları işlə, mənzillə təmin eləməyə bizim hələ imkanlarımız məhduddur. Belə olan halda cəza çəkməkdən azad edilmiş şəxsləri necə təmin edəcəyik? Bəli, humanist qanundur, amma reallıq tamam başqa bir şeydir. Ona görə də hesab edirəm ki, qanun reallığa söykənməlidir. Yəni biz qanunu qəbul ediriksə, bu məsələ kənarda qalmamalıdır. Ona görə də mən hesab edirəm ki, bu qanuna yenidən baxılmalıdır. Düzdür, səs verəcəyik, amma yenidən baxılsa, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu qanun layihəsi çox zəruridir. Müəyyən müddət cəmiyyətdən təcrid olunan insanların yenidən həyata qayıtması üçün bu qanunun çox böyük əhəmiyyəti olacaqdır. Burada həmkarlarım bir neçə məqamlara toxundular, lakin mən cəza çəkmişlərin adaptasiyasında əsas diqqəti təhsilə yönəltmək istəyirəm. Burada əyləşən insanların hamısı gözəl bilir ki, ən yaxşı tərbiyə metodu təhsildir.
Düşünürəm ki, cinayət etmiş şəxsləri 3 qrupa bölmək olar: gənc, orta, yaşlı nəsil. Yaşlı və orta nəsil üçün azad olunandan sonra o qədər də problem olmur. Ona görə problem olmur ki, onun ailəsi, evi, övladları var və onlar qayıdıb evlərində adaptasiya oluna bilirlər. Ancaq gənc nəslin bu istiqamətdə adaptasiya olunması çox çətindir. Cinayət etmiş elə şəxslər var ki, onlar orta məktəbi başa vurmamış olurlar. Orta məktəbi bitirməmiş insanlar cəza çəkməkdən azad edildikdən sonra bunların taleyi nə cür olacaq? Bu barədə mən qanun layihəsində heç bir şey görmürəm.
Burada təhsillə bağlı “Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə hazırlığının təşkili” adlı 12-ci maddə verilib. Orada yazılıb: “Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsi ilə peşələrə yiyələnməsinə şərait yaradır”. Birincisi, təhsillə bağlı müvafiq icra hakimiyyəti orqanının hansı təşkilat olduğu burada tam göstərilməlidir. Çünki hamınız çox gözəl bilirsiniz ki, bu gün təhsillə bağlı müvafiq icra hakimiyyəti orqanı bir az müxtəlifləşib. Təkcə Təhsil Nazirliyi yox, eyni zamanda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da var.
Digər tərəfdən də Nazirlər Kabineti və başqa təşkilatlar var. Ona görə də mən istədim ki, burada yazılan “müvafiq icra hakimiyyəti orqanı” tam dəqiqləşdirilsin.
Yeri gəlmişkən, qeyd edim ki, bu fikirdə də bir qaranlıq məqam var. Deməli, burada söhbət peşə-ixtisas təhsilindən gedir. Hamınız da gözəl bilirsiniz ki, orta ixtisas təhsili müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul aparılır. Ona görə də mən başa düşmürəm ki, bu nə deməkdir? Mənə elə gəlir ki, orta ixtisas təhsili müəssisələrində bunlara təhsil vermək müvafiq icra hakimiyyətinin səlahiyyətində olmayacaq. Digər tərəfdən, burada qeyd edilməyib ki, orta məktəbin 9 illik şəhadətnaməsini hələlik almayan cinayət etmiş insanlar olacaq. Bunlar şəhadətnamə almayıbsa, onların texniki peşə təhsili almaları necə təmin olunacaq? Bu da böyük problemdir. Eyni zamanda, burada göstərilməyib ki, ali təhsil müəssisələrində oxuyanlar, orta ixtisas təhsili müəssisələrində oxuyanlar olub, onlar azadlığa buraxılandan sonra təhsil məsələləri nə cür həll olunacaqdır? Bu da, mənə elə gəlir ki, bu qanunda öz əksini tapsa, çox yaxşı olardı. Mən hesab edirəm ki, təhsillə bağlı məsələlərə yenidən baxmaq şərti ilə bu qanun layihəsinə səs vermək olar. İkinci və üçüncü oxunuşlarda bu məsələlərin hamısı nəzərə alınsa, daha yaxşı olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən əvvəlcə bu qanunun hazırlanmasında əməyi keçən insanların hamısına çox sağ olun deyirəm. Çünki bu çox vacib bir məsələdir. Mən burada bəzi həmkarlarımın fikirlərini başa düşə bilmirəm. Azadlığa çıxan şəxslərin nəyə görə təkrar həbsxanaya düşdüyünü təhlil eləsək, onda görərik ki, bu qanun nə qədər vacibdir. Bəzi həmkarlarım deyir ki, nəyə görə bu qədər qayğı lazımdır, sağlam, normal şəkildə həyatda yaşayan insanlara bu qədər qayğı göstərilmir. Bəli, qayğı göstərilməlidir. Normal həyatda olan insanlar normal şəkildə bu cəmiyyətdə fəaliyyət göstərə bilirlər. Amma həbsxanadan çıxan insanlara cəmiyyətin dözümsüzlüyü, onların iş yeri tapması məsələləri də var. Bunlar cəmiyyətin zəif təbəqəsidir və təbii ki, biz onlara daha çox qayğı göstərməliyik. Üstəlik, qayğını göstərməyib nə edəcəyik? Dünyada o insanlar ən qorxulu olur ki, onların itirməyə heç nəyi olmur. Biz bu insanları həyata qaytarmalıyıq. Gəlin, düşünək.
Biz ailəmizdə cinayət törədən, səhv edən, həbsxanaya düşən insanlardan imtina edirik. Deyirik ki, biz sənə ev almayacağıq, sənin normal həyata düşməyin üçün bunları edə bilməyəcəyik. Çünki sən həbsxanaya düşmüsən. Biz onu həyata qaytarmalıyıq. Təbii ki, dövlət də onları normal həyata qaytarmalıdır və biz bu pulları onlar üçün xərcləməliyik. Biz bu pulları onların həyata qaytarılması üçün xərcləməyib, neyləyəcəyik? O insanlar təkrar həbsxanaya düşəndə, o pulları kim xərcləyir? Əlbəttə ki, dövlət xərcləyir. Onların cəzaçəkmə müəssisəsində yaşamasına o qədər vəsait ayrılır, amma biz o insanı artıq itiririk. Bu çox vacib qanun layihəsidir. Biz həbsxanadan çıxan insanların normal həyata qaytarılması üçün büdcədən lazım olan qədər pul ayırıb bu işləri görməliyik.
Bəzi həmkarlarım deyirlər ki, gəlin, yaşayış sahəsi olmayan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil-məişət şəraiti ilə təmin edilməsi maddəsini qanun layihəsindən çıxaraq, çünki azadlıqda şəxslərin ev-eşiyi yoxdur. Mən bilmirəm, biz bunlara villa, yoxsa üçotaqlı mənzil verəcəyik? Burada yazılır ki, məişət-mənzil şəraitini yaxşılaşdırmaq. Bu qanun layihəsini oxuyanda görürük ki, bunlar o qədər də çox deyillər.
Burada, 9.1-də yazılır ki, 60 yaşına çatan kişilər, 55 yaşına çatan qadınlar əgər bundan imtina edirlərsə, onları qocalar evinə yerləşdirirlər. Yetkinlik yaşına çatmayanları internata göndərirlər. Əgər insanın həbsə qədər daimi yaşayış sahəsi varsa, məcburi qaydada öz evinə qeydiyyata salırıq. Burada o kateqoriya insanlardan söhbət gedir ki, onların yaşamağa yeri yoxdur. Nə deyirsiniz, belə insanların mənzil-məişət şəraitini yaxşılaşdırmayaq? Onları küçələrdə qoyaq? Küçələrdə qalsalar, onda onlar cəmiyyət üçün daha təhlükəli olacaqlar. Mən hesab edirəm ki, bu maddə burada qalmalıdır. Hesab edirəm ki, bundan sui-istifadə də olmayacaq. Həbsxanadan çıxan adamlar üçün tikilən yataqxanalarda normal adam evi ola-ola gedib yaşamaz. Ona görə, mən xahiş edirəm, o maddəni çıxarmayaq və biz o insanlara diqqətimizi daha çox artıraq.
İkincisi, bu kateqoriya insanlara kimlər aiddir? Qanunda çox yaxşı yazılıb ki, ailə üzvlərinə qarşı cinayət eləmiş şəxsləri ailələrə qəbul eləmirlər. Bu qanun həm də ona görə vacibdir ki, bundan ən çox yararlanan qadınlar olacaqlar. Çünki həbsxanaya düşən qadınların həyat yoldaşları mütləq şəkildə ikinci dəfə ailə həyatı qururlar və o qadınların qayıtmağa yeri olmur. Mənim Hadi müəllimdən də, komissiya üzvlərindən də bir xahişim olacaq. Qanundakı bir bəndə “cəzaçəkmədən azad edilmiş 14 yaşinadək uşağı olan qadınların yaşayış sahəsi olmadıqda onların mənzil-məişət şəraiti ilə təmin edilməsi”nə biz xüsusi diqqət yetirməliyik. Layihə həyata keçirilir ki, uşaqlar internatda olmasınlar. Biz isə deyirik ki, onları internata verək. Biz bu cür ailələri həyata qaytarmalıyıq. Bunu bir az da sərtləşdirməliyik.
Sonra, Hadi müəllim, burada ziddiyyət yaranır, mən istərdim, buna aydınlıq gətirilsin. 6.1.3-cü maddədə yazırıq ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil-məişət şəraiti ilə təmin etmək. Amma 9.2-ci maddədə qeyd edirik ki, qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış sahəsi ilə təmin edilirlər. Sosial adaptasiya müddətində daimi yaşayış sahəsi ilə təmin olunmamış şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Bu, ziddiyyətdir. Bunu müvafiq icra hakimiyyəti orqanı təmin etməlidir. Əgər o bunu təmin eləmirsə, deməli, bu insan burada yaşamalıdır. Onda biz niyə bura “müstəsna” sözünü əlavə edirik. Sabah bu, problem yaradacaq. Yəni biz evlə təmin olunana qədər bu insanların yaşaması məsələsini həll eləməliyik. Mən bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlar! Bu qanun layihəsi ölkədə insan hüquqlarının qorunması, hər bir vətəndaşın özünü tam hüquqlu subyekt hiss etməsi və vətəndaş cəmiyyətinin qurulması sahəsində dövlət tərəfindən həyata keçirilən siyasətdə irəliyə doğru atılan çox əhəmiyyətli bir addımdır. Mən də qanun layihəsinin lehinə səs verəcəyəm. Lakin bununla bərabər bəzi iradlarımı və təkliflərimi bildirmək istəyirəm. Müzakirənin başlanğıcında hörmətli həmkarlarım qanunun adı ilə bağlı fikirlərini bildirdilər və daha sonra Ziyafət müəllim bu məsələyə aydınlıq gətirdi. Lakin mən qanunun adı məsələsinə tamamilə başqa aspektdən toxunmaq istəyirəm.
Layihənin 1.0.2-ci maddəsində penitensiar müəssisələrdən azad edilmiş şəxslər dedikdə, aşağıda göstərilən 3 kateqoriya şəxslər başa düşülür: azadlığın məhdudlaşdırılması növündə cəza çəkməkdən azad edilmiş şəxslər; müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən azad edilmiş şəxslər; ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən azad edilmiş şəxslər. Burada diqqətinizi birinci və ikinci kateqoriya şəxslərə cəlb etmək istəyirəm. Belə ki, sosial adaptasiya, bir qayda olaraq, cəmiyyətdən təcrid olunmuş şəxslərə tətbiq edilməlidir. Azadlığın məhdudlaşdırılması Cinayət Məcəlləsinin 53.1-ci maddəsinə uyğun olaraq məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasını ifadə edirsə və bu zaman əgər məhkum cəmiyyətdən təcrid olunmayıbsa, onda bu, yenidən hansı cəmiyyətə və niyə adaptasiya olunur? Bu bir az anlaşılmazdır.
Üçüncü kateqoriyaya gəlincə, yenə sual verirəm, əgər şəxs ömürlük azadlıqdan məhrum edilibsə, o, cəmiyyətdə necə adaptasiya olunacaq? Yəni bu iki kateqoriya şəxslərə sosial adaptasiya göstərilməsinin məqsədəuyğunluğu sual doğurmaya bilmir. Mən xahiş edərdim ki, bu məsələyə işçi qrupu nəzər yetirsin.
İkinci bir təklifim adaptasiya sahəsindəki prinsiplərlə bağlıdır. Təəssüf ki, burada prinsiplər açıqlanmayıb. Prinsiplər, adətən, qanunun tətbiqində əvəzsiz bir rol oynayır. Həmin prinsiplər tənzim etdiyi ictimai münasibətləri istiqamətləndirir, onların mahiyyətini ifadə edir. Bu baxımdan təklif edərdim ki, qanun layihəsində adı çəkilən hər bir prinsipin məzmunu açıqlansın.
Ən son təklifim isə həyata keçirilən adaptasiya tədbirlərinin səmərəliyinin artırılması ilə bağlıdır. Bu da sosial adaptasiya məsələlərinin həyata keçirilməsi sahəsində əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, bu sahədə görülən işlərin daha da faydalı ola biləcəyi ilə əlaqədar düşüncələrimdir. Bunun üçün düşünürəm ki, şübhəsiz, adaptasiya mərkəzləri yaradılmalıdır. Əlbəttə ki, belə mərkəzlərin qeydiyyata alınması, onlara lisenziyaların verilməsi və onların fəaliyyəti üzərində nəzarət mütləq müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir. Bu, vacib və nəzərə alınmalı olan şərtlərdən biridir. Ümumilikdə, bir daha sözümün əvvəlinə qayıdaraq deyirəm ki, qanun layihəsi təqdirəlayiqdir və mən bütün deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Adil müəllim, sualınız var? Buyurun.
A. Əliyev. Çox sağ olun. Cənab Sədr, mənim bir sualım var. 9-cu maddə ətrafında söylənən ziddiyyətli fikirlərə aydınlıq gətirilməsini istərdim. Qanun layihəsini hazırlayan hörmətli yoldaşlar, 9-cu maddə məni də narahat edir. Bu gün heç kim demir ki, Azərbaycan Respublikasında cəza çəkməkdən azad edilmiş şəxslər müvəqqəti yaşamaq üçün mənzillə təmin olunmasınlar. Biz hamımız istərdik ki, onlar mənzillə təmin olunsunlar. Ancaq gəlin, bu gün baxaq, görək həmin insanlar mənzillə təmin oluna biləcəklərmi? Bakı şəhərində 1 otaqlı evdə 12 nəfər ailə üzvü yaşayır. Həmin ailədə bir nəfər xəstə uşağı ilə yaşayır və imkan varsa, ona bir otaq ayrılsın. Mən il yarımdır ki, bu insana müvəqqəti olaraq yaşaması üçün bir otağın ayrılmasına çalışıram, amma hələlik bunun axırına çıxa bilməmişəm. Gəlin, görək, bu gün yataqxanada, yaxud başqa yerdə bu insana mənzil ayıra biləcəklərmi? Mən istərdim, müvəqqəti yaşayış sahəsi ilə bağlı sualıma cavab versinlər, hansı fonddan bu mənzil sahəsi ayrılacaq? Sağ olun.
Sədrlik edən. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım! Həqiqətən, bu gün cəmiyyəti narahat edən münasibətlərdən birinin tənzimlənməsi ilə bağlı ciddi bir qanun layihəsi müzakirəyə çıxarılıb. Amma belə bir təsəvvür yaranmamalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərə hər hansı formada yardım göstərilməsi, onlara sosial qayğı məsələləri və bu məsələlərə nəzarət indiyə qədər mövcud olmayıb və bizim qanunvericiliyimizlə tənzimlənməyib. Əslində, bizim 2000-ci ildə qəbul etdiyimiz Cəzaların İcrası Məcəlləsi bütövlükdə bu məsələni həll edirdi və bizim qanunvericiliyə və cəzaların icrası praktikasına yeni yanaşmamız bu məcəllədə öz əksini tapdı. İlk dəfə olaraq cəzanın məqsədi məhkumun islahı, onun yeni cinayət törətməsinin qarşısının alınması kimi qoyuldu. Yəni bu gün bizim qanunun humanistliyi göz qabağındadır və bu qanunda əksini tapmış bir sıra məsələlər tam olmasa da, tənzimlənir. Hər halda bunu tənzimləməyə qanun imkan verir. Cənab Prezident tərəfindən Cəzaların İcrası Məcəlləsinin tətbiqi ilə bağlı müvafiq fərmanlar verilmişdi və bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi bu işlərlə məşğul olurlar.
Bu qanunun meydana çıxması zərurəti ondandır ki, mən burada həmkarlarımın, o cümlədən Siyavuş müəllimin fikri ilə tam razıyam ki, islah deyəndə, bizim təsəvvürümüzdə yaranan cəzaçəkmə müəssisəsidir. Növbəti mərhələdə əsas iş bu məsələyə cəmiyyətin münasibətindən başlayır. Bu baxımdan, əlbəttə, hesab edirəm ki, dövlətimiz tərəfindən bu sahədə ciddi işlər görülüb. Müsbət bir hal kimi qeyd etmişik. Avropa Şurasının ekspertlərinin məruzələrində Azərbaycan Respublikasının penitensiar sistemində həyata keçirilən islahatlar həmişə müsbət qeyd olunub. Azərbaycan ilk ölkə olub ki, bu sistem Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçirilib.
Bu dövr ərzində çox böyük işlər görülmüşdür. Hazırda bilirsiniz ki, cənab Prezidentin İnsan hüquqlarına dair milli fəaliyyət planı fərmanla təsdiqlənib və Azərbaycanın bir çox bölgələrində, Naxçıvanda artıq yeni cəzaçəkmə müəssisələrinin tikintisi başa çatdırılır. Lənkəranda, Şəkidə yeni müəssisələr tikilir. Bu sahədə, həqiqətən də, mühüm işlər görülür. Ona görə həmkarımın burada səsləndirdiyi bir fikrə də diqqət yetirmək istərdim. Əlbəttə, problemsiz deyil. Baxmayaraq ki, onların şəraiti müvafiq standartlara cavab verməyə başlayır, amma islahın çox mühüm hissəsi, növü olan əmək fəaliyyətindən kifayət qədər istifadə olunmur. Bu gün bir çox məhkumlar əməyə cəlb oluna bilmirlər. Bunun da ayrı-ayrı səbəbləri var. Bazar iqtisadiyyatıdır, ola bilsin ki, dövlət sifarişləri yoxdur və sair. Amma bu çox düzgün qoyulmuş məsələdir və bunun üzərində də düşünmək lazımdır.
Əlbəttə, statistik göstəricilər o qədər də ürəkaçan deyil. Onlardan birini səsləndirim. Cəzalardan şərti azad olunmuş şəxslərdən təxminən 10 faizi yenidən cinayət törədib, cəzaçəkmə müəssisələrinə qayıdır. Misal üçün, 2006-cı ilin rəsmi statistikası belədir: şərti azad olunmuş 1509 nəfərdən 61-i təkrar cinayət törətdiyinə görə cəzaçəkmə müəssisəsinə qayıdıb. Özü də şərti azadolma nədir? O, cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunub, islah yoluna qədəm qoyub, müəssisə də təqdimatla çıxış edib. Məhkəmə qərar verib ki, o, cəzadan şərti azad olunsun. İslah olunmuş bir şəxsdir, amma cəmiyyətə qayıdır, yenidən cinayət törədir. Təkrar edirəm, 10 faiz yaxşı göstərici deyil. Burada artıq dediyiniz problem ortaya çıxır. Deməli, onların sosial adaptasiyasına ehtiyac var.
Bunu nə cür həyata keçirmək lazımdır, bu, başqa məsələdir. Qaldırılan məsələləri, hesab edirəm ki, 3 komissiya bir daha ciddi öyrənməlidir. İki məsələni xüsusi ilə qeyd etdilər. Birincisi, soruşuldu ki, nə dərəcədə maliyyə dəstəyi var. Hesab edirəm ki, maliyyə ekspertizasına ehtiyac var. İkincisi, müəyyən iradlarla razıyam, ehtiyac var ki, Cəzaların İcrası Məcəlləsi ilə bu qanunun uyğunlaşdırılmasını həyata keçirək, müəyyən təkrarçılıqları aradan qaldıraq. İdeya kimi, hesab edirəm ki, bu lazımdır və millət vəkillərini bu qanuna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Komissiya sədri Rəbiyyət Aslanovaya söz verilir.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün, doğrudan da, gözəl bir niyyəti, gözəl məqsədi özündə əks etdirən qanun layihəsini müzakirə edirik. Hər birimizi narahat eləyən, hər birimiz üçün vacib olan bir sənəddir və hesab edirəm ki, layihədə olan müddəalara çox ciddi münasibət bəsləməliyik. Yəni burada bəlkə də gəlişi gözəl sözlərlə, gözəl arzularla çıxış etmək olar, amma bu qanun layihəsi necə gerçəkləşəcək, bu, insanların taleyində necə rol oynayacaq və sabaha ünvanlanmış bu qanun layihəsinin işlək mexanizmi olacaqmı?
Mən qanun layihəsinin komissiyalarda müzakirəsində çıxış etmişəm və öz irad və təkliflərimi bildirmişəm. Bu gün vaxtın azlığını nəzərə alaraq bir məsələni demək istərdim. 1977-ci ildə Strasburqda penitensiar sistemin direktorlarının III konfransı keçirildi. Bu konfransda məqsəd nə idi? Konfransda məhz bu insanların cəzaçəkmə yerlərindən azad olduqdan sonrakı taleyinin ümumi problemlərini müzakirə edirdilər. Lakin problem o deyildi ki, onlar həbsxanadan azad olunduqdan sonra sosial adaptasiya necə gedəcək? Məsələni başqa cür qoymuşdular. Məsələni belə qoymuşdular ki, adaptasiya məsələsi onlar artıq həbsxanaya daxil olduğu gündən başlamalıdır. Məsələn, bu qanunun 7.4-cü maddəsində verilən ”sosial adaptasiya müddəti şəxsin cəzaçəkmədən azad edildiyi gündən hesablanır” ifadəsi həmin konfransın qəbul etdiyi minimal standartlarla qətiyyən uyğun gəlmir. Bəli, insanın həbsxanaya düşdüyü gündən, onun dünyaya, insanlara münasibəti dəyişdiyi andan artıq sosial adaptasiya prosesi başlanmalıdır, onunla iş getməlidir.
Mən həbsxanalardakı vəziyyətlə əlaqədar olaraq Ədliyyə Nazirliyinin müvafiq strukturuna müraciət etdim və oradakı vəziyyətlə maraqlandım. Bu insanların həbsdən azad olunmasına yalnız 3 ay qalmış onlarla iş aparmağa başlayırlar. Halbuki beynəlxalq təcrübədə tamamilə başqa cürdür. Məsələn, Kanadada belə bir qayda var: şəxs azad olmamışdan bir il qabaq ona penitensiar məzuniyyət verilir. O gedir, özü üçün yer, iş tapır və qayıdıb gəlir. Yəni insana inam hissi var və hər bir şeyi cəmiyyətin boynuna qoymurlar. Bunun özünün də məsuliyyət hissi olmalıdır.
Bizdə isə qəribə bir vəziyyət yaranır. Biz gözləyirik ki, həbsxananın qapıları açılsın, biz onu qəbul edək və sonra onun bütün problemlərini həll edək. Söhbət bundadır ki, cəmiyyət də var. Cəmiyyət bu insanları qəbul etməyə hazırdırmı, hazır deyilmi? Həbsxanadan çıxmış insanların üzərində olan damğa cəmiyyətin onları rahat qəbul etməsinə çox mənfi təsir göstərir, onları qəbul etmək istəmirlər.
Burada başqa bir məqam da var. Onların işlə təmin edilməsi ilə əlaqədar deyirik ki, özəl sektora rəhbərlik edən şəxslər bu insanları işlə təmin etsinlər. Bizim nə haqqımız var, bu, insan hüquqlarının pozulmasıdır. Özəl sektorun və yaxud hər hansı başqa bir müəssisənin rəhbərinə nə haqla deyə bilərik ki, bu insanı işlə təmin elə, yaxud eləmə? Söhbət ondan gedir ki, cəmiyyətdə olan stereotiplər, həbsxanada olan insanlara münasibət dəyişməlidir. Həmin o damğa onun üzərindən götürülməlidir. Cəmiyyətdə əgər bu şəfqət, bu mərhəmət olmayacaqsa, inandırım sizi, bu yazılanlar adi bir kağıza çevriləcək.
Yaxud onların mənzil-məişət məsələsi. Siyavuş müəllim çox gözəl dedi ki, bu gün uşaq evlərindən azad olmuş gənclər var. Elə yeri gəlmişkən, mən uşaq evlərindən azad olan qızların taleyi ilə bağlı narahatlığımı burada səsləndirmək istəyirəm. Gəlin, 17-18 yaşına çatmış qızların taleyinə biganəlik göstərməyək, onların gələcək taleyi ilə əlaqədar olaraq bir sənəd hazırlayaq. Bu insanların bir yerə toplanması məsələsinə gəldikdə isə mən bu fikri demişəm, bir də deyirəm: o insanların bir yerdə sosial adaptasiyasını qəbul etmirəm. Mən hesab edirəm ki, cəmiyyət onu əksinə etməlidir. Həbsxanadan çıxmış insanlar ayrı-ayrı yerlərdə yerləşdirilməlidirlər. Ümumiyyətlə, qanun vacib qanundur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, qanun layihəsi birinci oxunuş üçün konseptual cəhətdən məqbuldur. Əgər ehtiyac varsa, sualları cavablandıraq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Mən üzr istəyirəm, belə bir qanunun zəruriliyinə şübhə ola bilməz. Bunu mütləq qəbul eləməliyik və edəcəyik, mən buna inanıram.
Mənim bircə xahişim var. Hüquqşünaslardan və dilçilərdən xahiş edirəm, bir savab iş görün. Azərbaycan Respublikasının qanunvericiliyindən söhbət gedir. Penitensiar, sosial adaptasiya və sair. Xahiş edirəm, I, II və III günlər dəftər-kitabla gəlin, mənə bunları izah edin, sonra mən bu qanunu dəstəkləyib, ura deyib, irəli getməyə hazıram. Xahiş edirəm, gəlin, yoxsa mən çıxış edəcəyəm, özü də xoşagəlməyən çıxış. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Buyurun, Aqil müəllim.
A. Abbasov. Oqtay müəllim, Azərbaycanda cəmi 2 həbsxana var, qalanları “islah-əmək koloniyaları” adlanır. Bilirik ki, bizim sevmədiyimiz sovet dövründə həmin islah-əmək müəssisələrində dediyimiz sosial adaptasiya məsələsi necə həyata keçirilirdi. Valeh müəllim gözəl dedi, tərcümə etmək çətindir. Mən Ağdam rayonundanam. Orada 3 dənə islah-əmək müəssisəsi vardı. Onlar işləyirdilər və həbsxanadan çıxan adam elə olurdu ki, evinə 10 min manat pul aparırdı. Üzr istəyirəm, mənə həbsxanadan bir şahmat göndərmişdilər. Oğlum Türkiyədə oxuyurdu, mən onu aparıb orada bir generala bağışladım. O dedi ki, bunu necə yaradıblar? Dedim ki, bu, həbsxanada hazırlanıb. İnanmadı ki, həbsxanada belə bir şey düzəldə bilərlər. Yəni Azərbaycanda həbsxanalarda, islah-əmək müəssisələrində gözəl müəssisələr var idi, onlar əmək haqqı alırdılar. Sosial adaptasiyanı islah-əmək müəssisələrində keçirdilər.
İkinci, Azərbaycanda xüsusi komendatura var idi və orada da həmin insanlara yaşayış şəraiti yaradırdılar. Yəni həbsxanadan çıxmazdan bir-iki il əvvəl onun törətdiyi cinayətə baxırdılar və onu həmin komendaturaya göndərirdilər. O, həmin komendaturada yaşayırdı, gecə də evinə gedirdi. Yəni belə bir şərait yaradılmışdı. Bunu gücləndirsək və həmin islah-əmək müəssisələrindəki əmək fəaliyyətini bərpa edə bilsək, çox yaxşı olar. 6-cı kolon mebel buraxırdı, 2-ci kolon nə isə buraxırdı. O vaxtlar bu müəssisələrdə mebeldən tutmuş müxtəlif əşyalar istehsal olunurdu. Hamısında insanlar məşğul idi, işləyirdilər. İndi heç bir iş yoxdur, oturub gözləyirlər ki, nə vaxt həbsxanadan çıxacaqlar. Həbsxanalardakı həmin vəziyyəti yenidən bərpa edə, müəssisələri işlədə bilsək, Oqtay müəllim, inanın ki, bunun həmin adamlara çox xeyri ola bilər.
Sizin bir sözünüzə qüvvət verim. Bizdə AŞPA ilə bağlı çox danışırlar. Burada əfv komissiyasının üzvləri var. 4 adamı öldürənləri əfv siyahısına salırlar, əfv edirlər. Bizim əfv komissiyasının üzvləri niyə sənədi aparıb Avropanın qabağına qoymurlar ki, bu, siyasi məhbus deyil? Məni yandıran cəhətin biri budur. AŞPA bizim üçün Kreml deyil, AŞPA bizim üçün Allah deyil, Allahın da bacısı oğlu deyil. Mən bunları əfv məsələsi ilə bağlı deyirəm. Əfv komissiyasının üzvlərindən çox xahiş edirəm, bir az ehtiyatlı, bir az diqqətli olsunlar. Orada adam var ki, onu həbsxanadan azad etmək olmaz. Şəxsən mənim bir qohumum gedib, mən onu öldürərəm. Olmaz belə şeylər. Buradakı deputat qardaş və bacılarımız əfv məsələsində ciddi olsunlar. Üzr istəyirəm, bir az çox danışdım.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul olundu, sağ olun.
Gündəliyin üçüncü məsələsi Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsinin ikinci oxunuşudur. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, ikinci oxunuşda sizin müzakirənizə çıxarılan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmişdir. Qanun layihəsinin birinci oxunuşu geniş müzakirə olunmuş, 15 nəfər millət vəkili, Milli Məclisin iclasına dəvət olunmuş müvafiq hökumət strukturlarının nümayəndələri çıxış etmiş, ümumilikdə, 40-a yaxın müxtəlif xarakterli təkliflər verilmişdir. Eyni zamanda, Hesablama Palatasından və Maliyyə Nazirliyindən də təkliflər daxil olmuşdur.
Hörmətli həmkarlar, birinci oxunuşda hörmətli millət vəkilləri tərəfindən verilmiş təklifləri öyrənmək və layihəni ikinci oxunuşa hazırlamaq üçün daimi komissiya tərəfindən Milli Məclis Aparatının əməkdaşlarının, müvafiq dövlət orqanlarının nümayəndələrinin və mütəxəssislərinin daxil olduğu işçi qrup yaradılmışdır. Milli Məclisdə müzakirə zamanı söylənilən və komissiyaya daxil olan digər irad və təkliflər işçi qrupunda nəzərdən keçirilmiş, qruplaşdırılmış, məqbul hesab edilənlər nəzərə alınaraq qanun layihəsinə əlavə və dəyişikliklər edilmişdir.
Qeyd etməliyəm ki, edilən təklif və iradların bir çoxu redaktə xarakterlidir. Deputatların bir qrup təklifi sənədin strukturuna dəyişikliklərlə bağlı olmuşdur. Üçüncü qrup təkliflər sənədin mətninə yeni müddəaların daxil edilməsi, digərlərinin çıxarılmasını nəzərdə tutur.
İkinci oxunuşun tələblərinə uyğun olaraq sənəd üzərində aparılan işlər barədə fikirlərimi nəzərinizə çatdırmaq istərdim. Qanun layihəsinin adı ilə bağlı millət vəkillərinin təklifləri olmuşdur. Sənədin mətnində dövlət borcları ilə yanaşı, qeyri-dövlət borcalmalarından da söhbət getdiyindən qanunun adı haqlı olaraq müəyyən sual doğururdu. Nəzərə aldıq ki, 22, 23 və 24-cü maddələr qeyri-dövlət xarici borcalmaları ilə bağlı hesabat və statistika xarakterli məsələləri əhatə edirdi və əslində, elə bir hüquqi tənzimləmə yükü daşımırdı. Komissiya və işçi qrup bu maddələrin 18-ci maddədə birləşdirilməsini və “qeyri-dövlət xarici borcalmaları” anlayışını “dövlət öhdəliyi yaratmayan xarici borcalmalar” məfhumu kimi verməyi məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, qanun, əsasən, dövlət borcları və öhdəlikləri ilə bağlı münasibətləri tənzimlədiyindən sənədin adının “Dövlət borcu haqqında” saxlanılması fikri üstünlük təşkil etmiş və təqdim edildiyi redaksiyada saxlanılmışdır.
Digər bir təklif müəyyən terminlərin, o cümlədən “qarantiya” anlayışının “zəmanət” sözü şəklində verilməsi ilə bağlı idi. Bu təklif sənədin mətnində nəzərə alınmışdır. Qanun layihəsində çoxsaylı redaktə xarakterli düzəlişlər edilmişdir.
Millət vəkillərinin sənədin strukturu ilə bağlı təkliflərini də nəzərə almışıq. Belə ki, qanun layihəsi birinci oxunuşda olduğu kimi, bütövlükdə 28 deyil, 21 maddədən ibarətdir. Bəzi maddələrin mətni bir-biri ilə əlaqəli olduğundan və biri o birisini tamamladığından biz onları birləşdirib bir maddədə vermişik.
Qanun layihəsinin birinci oxunuşa təqdim olunmuş variantındakı daxili dövlət borcalmalarına dair 9-cu və 10-cu maddələr birləşdirilərək “Daxili dövlət borcalmaları” adı ilə verilmişdir.
Belə bir struktur dəyişikliyi xarici dövlət borcalmaları maddələrində də edilmişdir. Burada da 11-ci və 12-ci maddələr 10-cu maddədə birləşdirilərək “Xarici dövlət borcalmaları” şəklində verilmişdir.
“Dövlət zəmanətinin verilməsi üçün haqq” adlı 16-cı və “Təminat hesabı” adlı 17-ci maddə birləşdirilərək mətnlərində heç bir dəyişiklik edilmədən “Dövlət zəmanəti ilə alınan borcların təminat hesabı” adlandırılmaqla 14-cü maddədə verilmişdir.
Yuxarıda qeyd etdiyim kimi, qeyri-dövlət xarici borcalmaları ilə bağlı 22, 23 və 24-cü maddələrin müddəaları, əsasən, saxlanılmaqla ayrı-ayrı bəndlərlə 18-ci maddədə verilmişdir.
Birinci oxunuş zamanı təqdim olunmuş layihədə dövlət zəmanətinə dair 14, 15, 16, 17, 18, 19 və 20-ci maddələrin sıralanmasında bir o qədər də məntiqi ardıcıllıq olmadığından maddələrin yazılışında yerdəyişmə aparılmış və sizə təqdim olunan variantdakı ardıcıllıqla verilmişdir.
Birinci oxunuş zamanı təqdim olunmuş variantın “Keçid müddəaları” adlanan 27-ci maddəsindəki 2-ci bənd “Qanunun qüvvəyə minməsi” adlanan sonuncu maddəyə 2-ci bənd kimi keçirilmişdir.
Hörmətli deputatlar, ikinci oxunuşda müzakirəsinə başladığımız qanun layihəsində toxunacağım 3-cü qrup məsələ qanun layihəsinə edilən əlavələr və sənədin mətnindən çıxarılan müddəalarla bağlıdır. Qanunvericilik bazası maddəsi olan 2-ci maddəyə “Büdcə sistemi haqqında” Qanunun adı əlavə olunub. Birinci oxunuş zamanı verilən təkliflərə əsasən ”Dövlət borcunun idarə olunması” adlanan 5-ci maddəyə “Azərbaycan Respublikasının dövlət borcalmaları strategiyasını hazırlayır və təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir” və “dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığını təmin edir” müddəaları əlavə olunmuşdur.
Deputatların və Hesablama Palatasının təklifləri nəzərə alınaraq “Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət” maddəsində yeni müddəalar nəzərdə tutulur. Bunlar “Azərbaycan Respublikasının Hesablama Palatası və digər müvafiq icra hakimiyyəti orqanları dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti həyata keçirirlər” və “qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə ictimai nəzarət həyata keçirilə bilər” bəndləridir.
Verilən təkliflərdə dövlət zəmanəti ilə borc almaq üçün müraciət edən əsas borcalanın bu məqsədlə təqdim etməli olduğu sənədlər sırasında əmlakın girovu və ipoteka müqavilələri barədə məlumatın da əlavə olunması göstərilmişdir. Bu təklif nəzərə alınıb və yeni variantda 11.1.11-ci maddə kimi verilib. “Qanunun qüvvəyə minməsi” adlı 21-ci maddəyə 3-cü bənd əlavə edilib: bu qanun qüvvəyə mindiyi gündən “Dövlət borcu
haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr 1992-ci il tarixli, 42 saylı) qüvvədən düşmüş hesab edilir.
Hörmətli millət vəkilləri, daimi komissiya və sənədi ikinci oxunuşa hazırlayan işçi qrup qanun layihəsinin birinci oxunuş üçün təqdim edilmiş variantının ekspertizasını keçirən zaman bəzi müddəaların və anlayışların qanunun predmetinə uyğunsuzluğunu, digərlərinin hüquqi yük daşımadığını müəyyən etmiş və onların layihənin mətnindən çıxarılmasını məqsədəmüvafiq bilmişdir. Anlayışlar maddəsində “təminat hesabı” və “qapalı yığım hesabı” terminləri qanunun müvafiq maddələrində öz əksini tapdığından bu maddənin mətnindən çıxarılmışdır. Qanun layihəsinin birinci oxunuşdakı variantındakı 10.2-ci bənd qiymətli kağızlar barədə qanunvericiliyin, 12.3-cü bənd beynəlxalq müqavilələrin bağlanması qanunvericiliyinin, 13-cü maddə bütövlükdə investisiyalara dair qanunvericiliyin, 25-ci maddə vergi qanunvericiliyinin, 26.3-cü bənd mülki qanunvericiliyin predmeti olduğundan ikinci oxunuş üçün sizə təqdim olunan variantda nəzərə alınmamış, layihənin mətnindən çıxarılmışdır.
Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı batmış hesab edilən əmanətlərə dair məqamların müəyyən bir müddəa ilə qanun layihəsinin mətnində nəzərə alınması təklifi öz əksini gələcəkdə əmanətlərlə bağlı qəbul ediləcək qanunvericilik aktında tapmalıdır. Hörmətli millət vəkilləri, daimi komissiya birinci oxunuş zamanı tutulan iradları və verilən təklifləri, əsasən, nəzərə almış, qanun layihəsi maksimum təkmilləşdirilmişdir. Bu iş bu gün də davam etdirilir. Hazırda millət vəkillərinin verdiyi təkliflərlə əlaqədar olaraq Maliyyə Nazirliyi, Milli Bank, Hesablama Palatası ilə müzakirələr aparılır. Belə ki, komissiyanın 5 aprel tarixli iclasından sonra komissiya üzvlərinin təkliflərinə əsasən müddəalarda təkrarçılıq olmasın deyə, 8-ci maddənin 1-ci və 2-ci bəndləri birləşdirilərək daha yığcam və dəqiq şəkildə veriləcəkdir. Bu maddənin 4-cü bəndində Hesablama Palatasının nəzarət funksiyası ayrıca cümlə ilə göstəriləcəkdir.
Layihə ilə bağlı nəzərinizə çatdırmalı olduğum fikirlərimi, mülahizələrimi yekunlaşdırır, birinci oxunuş zamanı təklif və iradlarını bildirmiş millət vəkilləri hörmətli Ziyafət Əsgərova, Valeh Ələsgərova, Sabir Rüstəmxanlıya, Əli Məsimliyə, Vahid Əhmədova, Arzu Səmədova, Aydın Mirzəzadəyə, Qənirə Paşayevaya, Əli Əhmədova, İltizam Əkbərliyə, Azər Əmiraslanova, Pənah Hüseynə, Cavid Qurbanova, Xanhüseyn Kazımlıya və Maliyyə Nazirliyinin, Milli Bankın rəhbər strukturlarının nümayəndələrinə təşəkkürümüzü bildiririk. Mən məlumat vermək istəyirəm ki, bu, həqiqətən, Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən bir qanundur. Mən Azərbaycanın xarici borcu, onun ümumi daxili məhsula nisbəti, hal-hazırda borcla əlaqədar olaraq Azərbaycan dövlətinin götürdüyü öhdəliklər barədə danışıb sizin vaxtınızı almaq istəmirəm. Bunlar barədə mən birinci oxunuş zamanı məlumat vermişdim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xahiş edərdim, bu qanunun ikinci oxunuşda qəbul edilməsinə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri, ikinci oxunuş olduğu üçün qanun layihəsini əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Çıxışların 5 dəqiqə olmasına etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət borcu haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 6-cı maddəsində qeyd olunur ki, müvafiq il üçün “Dövlət büdcəsi haqqında” Qanunda büdcə ili ərzində cəlb edilə bilən daxili və xarici dövlət borcunun yuxarı hədləri müəyyənləşdirilməlidir. Eyni zamanda, əvvəlki illərdə alınmış və cari büdcə ilində qaytarılacaq daxili və xarici dövlət borcunun yuxarı hədləri də müəyyənləşdirilir. Mən bu mövqeyimi bir neçə dəfə təkrar etmişəm, o zaman biz dövlət büdcəsindən əvvəl mütləq Dövlət borcu haqqında qanunu qəbul etməliyik ki, bu məsələ büdcədə öz əksini tapsın və çətinliklər ortadan qalxsın. Bununla yanaşı, hörmətli Ziyad müəllim qeyd etdi, əmanətlərin qaytarılması ilə bağlı qanunun qəbul edilməsini həyata keçirməliyik.
Bildiyiniz kimi, Litvada bu istiqamətdə addım atıldı. Keçmiş sovet məkanında da bir çox ölkələrdə bu istiqamətdə bir sıra addımların atılması gözlənilir. Biz də bu addımı atmalıyıq. Çünki burada əmanətlərin qaytarılması ilə bağlı müvafiq qanun qəbul edildiyi zaman əhaliyə qaytarılmalı olan vəsait dövlət borcu kateqoriyasına daxil olacaq və nəticədə daxili dövlət borclarının hesabına ümumi dövlət borclarının həcmi kəskin şəkildə artacaqdır. Eyni zamanda, dövlət borclarının ümumi daxili məhsulun həcminə nisbəti də artmış olacaqdır. Amma buna baxmayaraq, 50 milyon manat həcmində vəsait ayrılırsa və bu vəsait başqa təyinat üzrə xərclənmirsə, inflyasiyaya ciddi təsir göstərmirsə, bu vəsait əmanətlərin qaytarılmasına yönəlsə, həm əhali razı qalar, həm də bu məsələ sui-istifadə mövzusu olmaqdan çıxar.
Mən bir məsələyə də diqqət çəkmək istəyirəm. Xaricdən borc alınması, əslində, zərərli bir addım deyil, bu, milli iqtisadiyyatın inkişafı üçün zəruri olan infrastruktur investisiyalarının həyata keçirilməsi, ölkə içində kredit bolluğu yaradılması baxımından müsbət hal kimi qiymətləndirilməlidir. Azərbaycanın bu sahədə, məncə, ciddi narazılıq ifadə ediləcək bir vəziyyəti yoxdur. Söhbət alınan borclardan səmərəli istifadə olunmasından və onlar üzərində nəzarət mexanizmindən gedir. 8.5-ci maddədə nəzərdə tutulan müddəa − ictimai nəzarətin həyata keçirilməsi olduqca vacib bir məsələ kimi qiymətləndirilməlidir.
Burada bir neçə maddə ilə bağlı mənim iradım var. 11.3-cü maddədə göstərilir ki, dövlət zəmanətinin verilməsi haqqında sorğuya baxan müvafiq icra hakimiyyəti orqanı əsas borcalandan verilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər. Bir neçə orqan eyni sənədləri tələb edir. Mənə elə gəlir ki, 11.3-cü maddə çıxarılmalıdır. Çünki 12.2-ci maddədə də təqribən sənədlərin tələb olunması başqa bir qurumun funksiyasına aiddir. Ona görə də bu qədər ciddi sənədlər tələb edilməsi məsələsi qoyula bilməz.
İkinci tərəfdən, hesab edirəm ki, 15.2-ci maddə xüsusi narahatçılıq doğurur. Bildiyiniz kimi, zəmanətçi dövlətdir. Əgər borcalan aldığı borcu ödəyə bilmirsə, onu ödəyən dövlət müqavilədə nəzərdə tutulan həcmdə və qaydada onun ödənilməsini həmin borcalandan tələb edə bilər. Bu həm də tələb etməyə bilər anlamına gəlir. Bu, açıq-aşkar korrupsiyaya yol açan bir amildir. Yəni kiminsə ödəyə bilmədiyi şərtlər altında dövlət onun əvəzinə ödəyir və ondan bunu tələb etməyə də bilər anlayışı ortaya çıxır. Hesab edirəm ki, burada tələb edilməlidir. Yəni burada imperativ bir normanın əks olunması olduqca vacibdir.
Bir də, burada “Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar” adlı 18.5-ci maddədə yazılır ki, məlumatlar açıqdır, internet şəbəkəsi vasitəsi ilə bunun şəffaflığı təmin edilir. O, yalnız buna aid olmamalıdır. Burada dövlət zəmanəti ilə həyata keçirilən daxili və xarici borcalmalar barədə məlumatlardan isə söhbət belə getmir. Hər bir vətəndaşa çatdırılmalıdır ki, dövlət zəmanəti ilə kimlər borc alıb. Həmin siyahı statistik siyahılara daxil olmalıdır. Əhalidə məlumat olmalıdır ki, hansı şirkət, hansı müəssisə, hansı fiziki şəxs dövlətin zəmanəti ilə borc alıb. İndiyə qədər o qədər belə neqativ hallar baş verib ki, bunu qarşısını almaq üçün, məncə, bu addımı atmaq vacibdir. Mən hesab edirəm ki, bu, olduqca zəruri bir qanundur. Biz cari ilin büdcəsinin qəbul olunması ərəfəsində bu qanunla yanaşı, əmanətlərin qaytarılması məsələsinə də baxsaq, hesab edirəm ki, daha məqsədəuyğun olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə onu qeyd edim ki, bu, dövlət borcalmaları zamanı meydana çıxan münasibətlərin tənzimlənməsi, respublikada sosial-iqtisadi layihələrə pul vəsaitlərinin cəlb edilməsi istiqamətində çox mühüm bir qanun layihəsidir. Qabaqcadan da deyim ki, mən bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm və həmkarlarımı da analoji addım atmağa dəvət edirəm.
Mənim hüquqi xarakterli 2 təklifim var. Onun biri barəsində hörmətli həmkarım Fazil müəllim çox düzgün qeyd elədi. Söhbət 15-ci maddədən gedir. Burada dövlət zəmanəti ilə alınan borcalmalar zamanı meydana çıxan münasibətlər öz əksini tapıb. Dövlət zəmanəti ilə alınan borcalmalarda əsas borcalan öz borcunu ödəyə bilmirsə, bu, dövlət büdcəsinin ehtiyat fondu hesabına ödənilir.
15.2-ci maddədə isə yazılıb ki, bu zaman dövlət, yəni zəmanətçi həmin vəsaiti tələb edə bilər. Mən hesab edirəm ki, əgər söhbət dövlət vəsaitinin xərclənməsindən, yəni əsas borcalanın borcunun dövlət vəsaiti hesabına ödənilməsindən gedirsə, dövlətin vəsaiti hökmən geri tələb olunmalıdır. Burada “oluna bilər” ifadəsi ya “olunmalıdır”, ya da “olunur” sözləri ilə əvəz olunsa, hesab edirəm ki, düz olar.
Mənim ikinci təklifim qanunun 21-ci maddəsi ilə bağlıdır. Burada yazılır ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Maddənin 2-ci bəndində isə belə yazılır: “Bu qanun qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilən dövlət borcalmalarına və verilən dövlət zəmanətlərinə şamil olunur”. Bu o deməkdir ki, bu qanun geriyə şamil olunmur. Bu, qəbul olunan gündən sonrakı borcalmalara və dövlət zəmanətlərinə şamil olunur.
3-cü bəndə baxaq. Burada da yazılır ki, bu qanun qüvvəyə mindiyi gündən “Dövlət borcu haqqında” Qanun ləğv olunur. Bəs belə olan halda indiyə qədər alınan dövlət borcları ilə əlaqədar meydana çıxan münasibətləri hansı qanun tənzimləyəcək? Onda köhnə borclarla bağlı nizamlanmayan bir sahə əmələ gəlir. Ona görə də mən hesab edirəm ki, 21-ci maddə yeni redaksiyada verilməlidir və keçmiş borcları da bu qanun tənzimləməlidir. Düzdür, keçmiş borclara əlavə sənədlər, zəmanətlər alınmasından söhbət getmir. Amma sırf dövlət borclarının idarə olunması, dövlət borclarına xidmət kimi mühüm məsələlər tənzimlənməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sizdən qabaq bu məsələni Ziyafət müəllim qaldırırdı və biz də dedik ki, onu sonra dəqiqləşdirəcəklər. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci ildə qəbul edilmişdir. Keçən dövr ərzində ölkəmizin iqtisadi qüdrəti möhkəmlənmiş, dünyanın aparıcı ölkələri və şirkətləri ilə əsrin müqaviləsi kimi geniş bir müqavilə bağlanmışdır. Eyni zamanda, iqtisadiyyatın digər sahələri ilə bağlı da çoxsaylı müqavilələr imzalanmışdır. Donor ölkələr və beynəlxalq təşkilatlar respublikamızın yüksək iqtisadi potensialını nəzərə alaraq ölkəmizlə daha sıx əlaqələr qurmağa çalışırlar. Sahibkarlığın inkişafı, yerli sahibkarın ölkə iqtisadiyyatına investisiya qoyması imkanlarının genişlənməsi və dövlət zəmanətlərinin verilməsi dövlət borcunun idarə olunmasında yeni hüquqi və iqtisadi münasibətlərin meydana çıxmasına səbəb olmuşdur. Bu münasibətlərin hərtərəfli əhatə olunması və beynəlxalq təşkilatların tələblərinin təmin edilməsi, qloballaşma prosesində Azərbaycan Respublikasının dünya iqtisadiyyatında artan nüfuzunun qorunub saxlanılması üçün Dövlət borcu haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac yaranmışdır. Hesab edirəm ki, ikinci oxunuşda müzakirəyə təqdim olunan bu qanun layihəsi dövlət borcu haqqında müvafiq qanunvericilikdə olan boşluqları aradan qaldıracaqdır.
Qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən aşağıdakı məsələlərə diqqət yetirilməsini məqsədəuyğun hesab edirəm. Layihənin giriş hissəsində “keçirilməsi və dövlət zəmanətlərinin verilməsi” sözlərinin “keçirilməsini və dövlət zəmanətlərinin verilməsi” sözləri ilə əvəzlənməsini məqsədəuyğun hesab edirəm. 1-ci maddədə işlədilən “strukturlaşdırma” sözünün daha anlayışlı verilməsi məqsədəuyğun olardı. 2-ci maddənin adı qanunun adına uyğunlaşdırılaraq “dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” kimi yazılsın. 2.1-ci maddədə düzəlişlər aparılsa, qanunvericilik baxımından daha düzgün olardı.
8.1 və 8.2-ci maddələr həm bir-birini təkrar edir, həm də 8.2-ci maddə anlaşılmır. Xüsusi ilə də cümlənin sonu “təqdimedilmə qaydası maliyyə orqanları tərəfindən müəyyənləşdirilən digər məlumatı maliyyə orqanına təqdim edirlər” aydın yazılmayıb. Ona görə də bu maddələri birləşdirmək daha düzgün olardı. Eyni zamanda, bu maddə lazımi məlumatların təqdimedilmə dövrünü özündə əks etdirmir. Yəni məlumatlar hansı dövrü əhatə etməklə təqdim olunmalıdır? Əks təqdirdə qeyri-müəyyənlik mövcud olduğuna görə məlumatların təqdim olunmasında çaşqınlıq olacaq və məsələlərin icrasına vaxtında nəzarət edilməsi də mümkün olmayacaqdır.
8.4-cü maddədə “vəsaitlərdən” sözündən sonra “təyinatlarına uyğun” sözləri əlavə edilsin. 8.5-ci maddədə dövlət borcları və dövlət zəmanətləri ilə alınmış vəsaitlərdən istifadə edilməsində ictimai nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək üçün maddəyə yeni bir cümlənin əlavə edilməsinə ehtiyac vardır. Yəni yazmaq olar ki, ictimai nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra orqanları tərəfindən müəyyən edilir. Belə olmasa, müxtəlif təşkilatların və şəxslərin ictimai nəzarət adı altında bu məsələyə müntəzəm müdaxilələri olacaqdır.
Sonra, 12.1-ci maddədə “qərar” sözü “təklif” sözü ilə, 13.1-ci maddədə isə “hakimiyyətin” sözü “hakimiyyət orqanı” sözləri ilə əvəz edilsin. Layihədə “əqd” sözü “müqavilə” sözü ilə əvəz edilsə, daha qanunauyğun olardı. Belə ki, “əqd” “müqavilə”dən fərqli olaraq birtərəfli şəkildə və şifahi formada ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxış etməkdə məqsədim ondan ibarətdir ki, hörmətli Ziyad müəllimin qeyd elədiyi kimi, bu qanun layihəsində irəli sürülən bütün təkliflərin müəyyən hissəsi nəzərə alınıb, amma iş hələlik başa çatmayıb. Bu istiqamətdə işlər gedir və təkmilləşmə prosesi davam edəcəkdir. Bu prosesdə müəyyən çatışmayan məqamların protokola düşməsi, qeyd olunması nöqteyi-nəzərindən bir neçə cəhəti xüsusi qeyd eləmək istəyərdim. Bunlar nəzərə alınsın ki, üçüncü oxunuşda artıq həmin çatışmazlıqlar düzəlsin.
20-ci və 21-ci maddələr arasında diaqonal şəkilli ziddiyyət var. 20-ci maddədə göstərilir ki, bu qanun qüvvəyə mindiyi gündən ən geci 30 təqvim günü müddətində müvafiq icra hakimiyyəti orqanları əvvəllər qəbul etdikləri və qüvvədə olan borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumatları dövlət reyestrinə daxil edilmək üçün maliyyə orqanlarına təqdim etməlidirlər.
21.2-ci maddədə isə göstərilir ki, bu qanun qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilən dövlət borcalmalarına və verilən dövlət zəmanətlərinə şamil edilmir. Bu necə ola bilər ki, bütövlükdə qəbul edirlər, reyestrə daxil olur, amma əvvəlki borclar havada qalır. Ona görə də hesab edirəm ki, həmin bənd çıxarılmalıdır. Həmin bənd çıxarılan kimi, hər şey yerində olur və bu, həddindən artıq prinsipial məsələdir. Əgər dövlət zəmanəti verilibsə, hökumət artıq bunun arxasında duran bir faktordur. Bu, beynəlxalq səviyyədə də Azərbaycan üçün başağrıları olar. Müstəqillik əldə etməyimiz o qədər də böyük dövr əhatə etmir və 15 ildə alınan pul da o qədər böyük deyil. Bu, Azərbaycanın ümumi daxili məhsulunun 10 faizi səviyyəsindədir. Adambaşına 233 dollar borc düşür. Belə bir şəraitdə hansısa borcun altından qaçmaq, hesab edirəm ki, Azərbaycan dövləti üçün çox ciddi problemlər gətirə bilər. Hesab edirəm ki, bu maddə çıxarılmalıdır.
İkinci, Rusiyanın və bir sıra dövlətlərin təcrübəsi göstərir ki, çox cidd-cəhdlə hökumətlər özlərinin xarici borclarını aşağı salırlar və sonra arxayınçılıq olur. Zəmanət verirlər və bu zəmanət müxtəlif kanallarla qısa müddət ərzində əvvəlki qədər qalxır. Rusiyada bu proses özünü göstərir. Ona görə hesab edirəm ki, biz bi qanunları işləyəndə mütləq dövlətçilik təfəkkürü səviyyəsində belə ciddi məsələləri nəzərdən qaçırmamalıyıq. Başqa ölkələrdə bu olub, Azərbaycanın da başına gələ bilər. Ciddi nəzarət mexanizmi olmalıdır.
10.3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası adından xarici borcalmada qeyri-dövlət təşkilatları, özəl təşkilatlar − kim istəsə, danışıq apara bilər. Bu işdə dövlət hakimiyyəti orqanlarının nümayəndələri əsas rol oynamalıdırlar. Onlar gedib danışacaqlar, zəmanət verilən borcları alacaqlar və sonra onun qaytarılmasında Azərbaycan üçün xeyli dərəcədə ciddi problem yaradacaqlar.
Üçüncü ciddi məsələ ondan ibarətdir ki, Azərbaycanın daxili borcu xarici borcdan qat-qat azdır. 260 milyon simvolik xarakter daşıyır. Belə bir şəraitdə Azərbaycanın bu sahədə nə qədər ehtiyatı var? Mən konkret surətdə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 oktyabr tarixli 1067-ci Sərəncamına əsasən Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci il 1 yanvar tarixinə olan əmanətlərinə kompensasiya verilməsinin tənzimlənmə mexanizminin yaradılması barədə göstəriş verilib. Hesab edirəm ki, Prezidentin sərəncamı ciddi bir əsasdır ki, daxili borclara aid olan 9-cu maddə kifayət qədər təkmilləşməsinə baxmayaraq, ora məhz bu batmış əmanətlərin daxili dövlət borcu kimi uçota düşməsi müddəasının salınması ümumi işin xeyrinə olardı.
Digər tərəfdən, hörmətli Sədr, enerji daşıyıcılarının qiyməti qalxandan sonra sosial sahədə ciddi problemlər yaranıb. Bu problemlərin cilalanmasında Azərbaycan hökuməti üçün alternativi olmayan qlobal miqyaslı addım ondan ibarət olar ki, məhz yaz sessiyasında batmış əmanətlərin qaytarılması...
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. İmamverdi müəllimin xahişini nəzərə alaraq mən çıxışımı bir neçə cümlə ilə yekunlaşdıracağam. Birincisi, 1995-ci il Konstitusiyasından sonra bütün sahələrdə parlamentin təsir və nəzarət imkanları aşağı salınır. Məsələn, əvvəlki 1992-ci il qanununda dövlət borcu sahəsindəki siyasəti o vaxt Ali Sovet, yəni indiki Milli Məclis həyata keçirirdi. Mən hesab edirəm ki, burada bizdəki hakimiyyət strukturlarının rolunun artırılması ilə bağlı müəyyən proseslər var. O cümlədən dövlət quruculuğu siyasətində. Amma bir daha qeyd edirəm, Əli Məsimli də buna toxundu, hər halda dövlət borcu siyasətinin müəyyən edilməsi və dövlət borclarının səmərəli xərclənməsi üzərində, heç şübhəsiz, Milli Məclisin və onun konkret orqanı olan Hesablama Palatasının daha səmərəli nəzarətini burada bir müddəa əks etdirməli idi.
İkincisi, bizim vətəndaşlar çox səbirlidir. Prinsip etibarı ilə Azərbaycan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi elan olunsa da, eyni zamanda, həm də keçmiş SSRİ-nin bir sıra öhdəliklərinin, o cümlədən daxili borca görə vətəndaşlar qarşısındakı öhdəliklərinin varisidir. Mənə elə gəlir ki, bir qədər də gözləsək, artıq vətəndaşlar məhkəmələrə, o cümlədən beynəlxalq məhkəmələrə müraciət edərək həmin bu varislik prinsipinə görə özlərinin vəsaitini tələb etməyə başlayacaqlar və xüsusi bir qanuna da, əslində, ehtiyac yoxdur. Mən hesab edirəm, həmin qanun layihəsinin zəruriliyi, əslində, bunları ödəməmək cəhdidir. Çünki elə indiki iqtidarın dövründə Prezident fərmanının olması xatırlandı və mənə elə gəlir ki, bizim icra hakimiyyəti orqanları, Milli Bank ölçüb-biçib, vətəndaşın əmanətlərini geri qaytarmağa başlamalıdırlar. Necə ki sovet hakimiyyəti dövründən biz binaları, müəyyən istehsal fondlarını, sərvətləri almışıq və bu gün də bundan istifadə edirik, zəhmət çəkib, borcları da, öhdəlikləri də yerinə yetirmək lazımdır. Bir də bunun üçün xüsusi bir qanunun işlənib hazırlanmasına heç bir ehtiyac yoxdur. Əslində, qanunvericilik bazası var.
Nəhayət, texniki xarakterli təklifi qeyd etməklə fikrimi yekunlaşdırıram. Xarici dövlət borcunun alınması barədə burada yazılıb ki, Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc. Bir qayda olaraq, bu həm də müvafiq prosedur ilə qüvvəyə minmiş müqavilələrə görə olsa, daha yaxşı olar. Çünki biz Milli Məclisdə bir neçə bu xarakterli müqavilələri də təsdiq eləmişik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, verilən təkliflərə qanunvericilik təşəbbüsü subyekti ilə birlikdə baxarsınız, mümkün məsələləri həll edərsiniz. Başqa fikir yoxdursa, xahiş edirəm, qanun layihəsini səsə qoyaq. Qanun layihəsi 21 maddədən ibarətdir. Maddələri beş-beş səsə qoyaq. Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.58 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 6-10-cu maddələrə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.59 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-15-ci maddələrə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.59 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 16-21-ci maddələrə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Qanun layihəsi ikinci oxunuşda bütövlükdə səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. İclasımız sona çatdı. Sağ olun.
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 49
Milli Məclisin iclas salonu.
17 aprel 2007-ci il. Saat 12.
Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizəd.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
R. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
* * *
N. Məhərrəmov, Milli Televiziya və Radio Şurasının sədri.
Q. Mehdiyev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
A. Zahidov, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
S. Musayev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
S. Şalmeyev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
C. Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
İclasın gündəliyinə aşa ğıdakı məsələlər daxil idi:
1. N.N.Nəsrullayevin Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında.
2. H.X.Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında.
3. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
4. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında
5. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli 108-IIIQD nömrəli Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında.
7. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
8. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə.
9. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə.
10. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə.
11. Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
12. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
13. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
İclasda qəbul edilmişdir:
1. “N.N.Nəsrullayevin Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “H.X.Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
5. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli 108-IIIQD nömrəli Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
17 aprel 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sabahınız xeyir, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83
100 nəfər iştirak edir. Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən gündəlikdəki qanun layihələrinə səs verəcəyəm. Hesab edirəm, gündəlikdə olan məsələlər olduqca aktualdır və bizim onları müzakirə eləməyimiz vacibdir. Amma yeri gəlmişkən, bir məsələyə toxunmaq istəyirəm. Biz parlamentdə çoxsaylı qanunlar qəbul edirik və bu qanunlar ölkənin ictimai-siyasi həyatına ciddi təsir göstərir. Məlumdur ki, Azərbaycan son illərdə çox böyük sürətlə inkişaf edir və bu sürətli inkişaf Azərbaycanın hər tərəfini əhatə edir, o cümlədən Bakı şəhəri də sürətlə inkişaf edir. Bakı şəhərinin inkişafı nəticəsində bizim ictimai yerlərdə olan proses də öz əhəmiyyətini artırır.
Hamımız bilirik ki, Avropa ölkələrinin çoxunda, ictimai yerlərdə tütün məmulatından istifadə qadağan olunub. Mən hesab edirəm ki, Milli Məclisdə biz bu yöndə də işləməli və ictimai yerlərdə siqaret çəkilişini qadağan edən qanun layihəsinin hazırlanmasına nail olmalıyıq. Çünki bu qanunun qəbul edilməsi olduqca vacibdir. Bakıda çoxsaylı internet klublar fəaliyyət göstərir və burada, əsasən, gənclər yığışır. Bu klublarda siqaret çəkilir ki, bu da bizim gəncliyin sağlamlığına mənfi təsir göstərir. Düzdür, biz 2001-ci ildə “Tütün məmulatı haqqında” Qanun qəbul eləmişik. Amma burada qadağa kifayət qədər ciddi deyil. Hesab edirəm ki, bizim Sosial siyasət komissiyası ekspertləri dəvət eləməklə belə bir nümunəvi qanun layihəsi hazırlaya bilər. Mən hesab edirəm ki, biz bu yolda addımlar atmalıyıq və bu da bizim inkişafımızla paralel surətdə davam eləməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İkram İsrafilov.
İ. İsrafilov. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım, dəyərli mətbuat nümayəndələri! Oqtay müəllim, mən keçən dəfə də dedim ki, olarmı gündəliyi təsdiq etməzdən öncə gündəliyə aid təklifləri müzakirə eləyək. Axı, elə məsələlər var ki, gündəliyə salına bilər və bu iclasda olmasa da, növbəti iclasların birində müzakirəyə çıxarıla bilər. Oqtay müəllim, burada müzakirə olunan qanun layihələri bir çox hallarda bəlkə də əksəriyyətin içində daşıdığı narazılığa baxmayaraq qəbul olunur. Amma bu cari məsələlərlə bağlı hörmətli deputatların qaldırdığı məsələlərə 2006-cı ilin əvvəllərində münasibət bildirilir, Siz Sədr kimi burada qaldırılan cari məsələlərlə bağlı növbəti iclaslarda müəyyən informasiya, məlumat verirdiniz. Amma son vaxtlar bu məsələlər bir balaca yaddan çıxmış görünür. Çünki burada seçicilərin problemləri ilə bağlı dəfələrlə qaldırılan məsələlər nə yerlərdə məmurlar tərəfindən həll olunur, nə də onlara Milli Məclisin müvafiq strukturları tərəfindən reaksiya verilir.
Hörmətli Oqtay müəllim, bilirsiniz ki, enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə bağlı Tarif Şurasının qərarından sonra Neft Şirkətinin bütün müəssisələri fəaliyyətini dayandırmışdı. Üç ay əmək haqqı almayan işçilər kommunal xərcləri ödəyə bilmədiklərinə görə onların işıqları, qazları, suları kəsilmişdi. Bununla bağlı istəyiblər icra hakimiyyətinə müraciət eləsinlər, onları icra hakimiyyətinə yaxınlaşmağa qoymayıblar və bu insanlardan bir neçəsi işdən azad olunub. Onlar müvafiq instansiyalara və son anda mənə müraciət eləyiblər. Hər ikisi Yeni Azərbaycan Partiyasının üzvü, biri İdarə Heyətinin fəal üzvlərindəndir. Görüblər ki, heç bir strukturdan cavab ala bilmirlər, sonda mənə müraciət ediblər. Mən də bir-iki yerə müraciət elədim, nəticəsi olmadı. Burada göstərilir ki, cənab İlham Əliyevə, Oqtay Əsədova, Füzuli Ələkbərova, Səttar müəllimə, YUNESKO-nun xoşməramlı səfirinə ünvanladığımız müraciətlərə cavab olaraq onları işdən azad edən zavod direktoru cavab verib ki, siz nə vaxtsa işçiləri işləməməyə, haradasa aksiya keçirməyə təhrik eləmisiniz.
Bu ailə başçılarının iki övladı bu gün-sabah hərbi xidmətə çağırılacaq. Biri respublika çempionudur, idmançıdır. Onların səsinə səs verən yoxdur. Yerlərdə bu məsələlər həll olunmur. Bu insanlar necə çıxış yolu tapsınlar? Ona görə, hörmətli Oqtay müəllim, xahiş edirəm ki, burada səslənən bu cari məsələlərlə bağlı...
Sədrlik edən. Hörmətli İkram müəllim, biz bütün cari məsələlərə münasibət bildiririk. Siz deyirsiniz ki, cari məsələləri gündəlikdən sonra dinləyib müzakirəyə çıxaraq. Bu düzgün deyil. Çünki gündəliyi günün əvvəlində təqdim edib təsdiq edirik. Ona qanunvericilik subyekti tərəfindən gələn məsələləri daxil edirik. Amma siz dediyiniz məsələ buralıq deyil. Müraciət eləyərik, bir yerdə həll edərik. Burada problem görmürəm. Araşdırmaq lazımdır, görək onlar niyə işdən çıxarılıblar. Xahiş edirəm, o ərizəni verin, bir yerdə zəng eləyək. Zavodun direktoru sizin həmkardır, onu da dəvət eləyək, görək nə məsələdir? Bunlar gündəliyə dəxli olmayan məsələlərdir. Gündəliyə təqdim olunacaq məsələ varsa, qabaqdan bizim payız sessiyamız gəlir. İndidən baxın, verin komissiyaya, üzərində işləyin. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli deputatlar, qonaqlar və mətbuat nümayəndələri! Mən bu gün bir məsələyə diqqətinizi cəlb eləmək istəyirəm. Şənbə günü eşitdim ki, Milli Məclisin İntizam komissiyası Fəzail Ağamalıya töhmət verib. Bu, doğrudan da, məni təəccübləndirdi. Çünki biz Baş prokurorun Hüseyn Abdullayevin xuliqanlıq hərəkətləri ilə bağlı verdiyi təqdimatı burada müzakirə eləyərkən əksəriyyət qeyd elədi ki, doğrudan da, Hüseyn Abdullayev xuliqanlıq hərəkətlərinə yol verib. Mənim yadımdadır, hörmətli Əli Əhmədov hətta qeyd elədi ki, bu, ölkənin siyasi elitasına tüpürməkdir. Məlahət xanım da dedi ki, hər bir şeyi bağışlamaq olar, amma bu, mənəviyyat məsələsidir, onu bağışlamaq olmaz. Dünyanın hər yerində xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxs mükafatlandırılır, cəzalandırılmır. Ona görə də mən təklif edirəm ki, İntizam komissiyasının bu qərarı ləğv olunsun.
Cəzalandırılmalı olan adam isə, əksinə, mükafatlandırılır. Bu kimdir? Bu, Azərenerjinin sabiq prezidenti Müslüm İmanovdur. 6 il bundan öncə Müslüm İmanovun oğlunun yaratdığı mütəşəkkil cinayətkar dəstə tərəfindən mənim qardaşım qətlə yetirilib. Onun oğlu hazırda həmin ittihamla və həm də vergidən yayınmağa görə axtarışdadır. Amma bu yaxınlarda Müslüm İmanova Prezident təqaüdü verildi. Anar İsmayıl isə həbsxanadan yazır ki, qətl törətdiyi silahı Şüvəlanda, bağda məhz Müslüm İmanova təqdim eləyib, qətli isə Müslüm İmanovun kürəkəni Sabir Bağırov sifariş eləyib. Hazırda o, Fövqəladə Hallar Nazirliyində çalışır. Kamal İmanov indi axtarışda olan bir şəxsdir. Yaxşı cinayətkar yetişdirdiyinə görə, oğlunun istintaqdan qaçıb gizləndiyini təmin etdiyinə görə Müslüm İmanova “İgidliyə görə” medalı vermək olardı. Amma bizim ölkənin bu qədər problemləri olduğu halda ona büdcədən mükafat verilməsinə ehtiyac yox idi.
Oqtay müəllim, tək onun cinayət törətdiyi “Avtodoktor” müəssisəsinin və Müslüm İmanovun ofisinin dəyərləri on milyonlarla dollarla ölçülür. Onun ora göndərdiyi cinayətkar dəstənin üzvlərinin hamısı oraya ən bahalı xarici maşınlarla gəlmişdilər. Belə bir adama Prezident təqaüdü vermək olar? Müslüm İmanov Rəsul Quliyevi maliyyələşdirən şəxslərdən biri idi və ümid edirdi ki, Rəsul Quliyev Azərbaycana hakim olandan sonra ona bəraət verəcək. Görəndə ki, bu baş tutmadı, Rəsul Quliyevin hüquqlarının müdafiə komitəsinin üzvü, vaxtilə yüksək vəzifədə işləmiş bir şəxsi bizim ailə üzvlərindən birinin yanına göndərdi ki, nə qədər deyirsinizsə, pul verək, təki siz Kamal İmanovdan şikayət eləməyin. Mən hesab edirəm, belə bir şəxsi maliyyələşdirən bir adam Anar İsmayılovun yazdığı şikayət ərizəsinə görə istintaq orqanlarına 7 rəqəmli rüşvət təklif eləyib və kürəkəni ilə oğlunu cinayət məsuliyyətindən kənarlaşdırıb. Belə bir adamasa Prezident təqaüdü verirlər! Prezident təqaüdü Yeni Azərbaycan Partiyasını, mərhum Heydər Əliyevi hakimiyyətə gətirən Əbülfəz Elçibəyin ailəsinə verilməlidir.
Sədrlik edən. Qüdrət müəllim, bu məsələ buralıq məsələ deyil. Mən Sizi başa düşürəm. Elə bir məsələ varsa, yaxınlaşıb bir də aydınlaşdırın. Milli Məclisin üzvüsünüz, o barədə müraciət eləmisiniz? Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Burada oturanların hamısı yaxşı bilir, Azərbaycanın tarixi belə gətirib ki, biz parçalanmış xalqıq və soydaşlarımızın bir hissəsi Azərbaycandan kənarda, öz tarixi torpaqlarında yaşayır. Amma müstəqil Azərbaycan dövlətini onların hər biri öz vətəni sayır. Bizim Azərbaycanın rəsmi mövqeyi də daim belə olub və sənədlərdə də belədir ki, Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Ona görə də Azərbaycana gələn hər bir soydaşımıza Azərbaycanın vətəndaşı kimi, bu torpağın doğma övladı kimi münasibət bəsləməliyik.
Təəssüf ki, son vaxtlar güneydə insan haqlarını müdafiə elədiyinə görə bizə sığınmış Musəvi adlı bir soydaşımızı Azərbaycanın hüquq mühafizə orqanları İrana təhvil veriblər və indi onun taleyinin necə olacağı bilinir. Buna etiraz əlaməti olaraq dünən mitinqə toplaşmış cavanlar polis orqanları tərəfindən tutulub. Nə cür olur, kənardan bizə sığınan, heç Azərbaycana dəxli olmayan adamlara burada yaşamaq hüququ veririk, amma öz vətəndaşımızı başqa bir dövlətə, 35 milyonun haqqını pozan cinayətkar rejimə təhvil veririk. Mən bu siyasəti başa düşmürəm. Buna heç bir izahat tapmaq olmur.
Üstəlik Azərbaycanın BMT-dəki nümayəndəsi, BMT-də bizim təmsilçimiz son ildə iki dəfə İranda insan haqlarının pozulmasına dair araşdırmanın dayandırılmasına səs verir. Bir il əvvəl də belə olmuşdu. Azərbaycan Banqladeşlə, Zimbabve ilə bir yerdə səs verir ki, İranda insan haqları pozulmayıb, amma Argentina, Fransa deyir ki, İranda insan haqları pozulub. Argentina, Fransa 35 milyon soydaşımızın hüquqlarını müdafiə edir, o haqda düşünür, amma bizim öz nümayəndələrimiz düşünmür. Mən burada ardıcıllıq görürəm. Bu qeyri-adi bir işdir, aydınlaşdırılmalıdır.
İkinci bir məsələni də demək istəyirəm. Bilirsiniz, son vaxtlar Quba rayonunda, Naxçıvanda məzarlıqlar üzə çıxıb. Belə ehtimallar var ki, bunlar 1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş insanların məzarlıqlarıdır. Mən çox istərdim ki, Azərbaycan prokurorluğu bununla bağlı cinayət işi başlasın və bu məsələlər aydınlaşdırılsın. Vaxtilə sovet rejimi həmin cinayətləri ört-basdır eləmək üçün o məzarlıqların yerini dəyişdirib, baxmayaraq ki, 1918–1920-ci illərdə bizim milli hökumətimiz...
Sədrlik edən. 3 dəqiqə vaxt ayırmışıq, qurtarır. Amma Sabir müəllim, Siz Azərbaycan-İran dostluq qrupunun üzvüsünüz. Bu məsələləri qruplar da, Siz də həll eləyə bilərsiniz. Rejimlərdən danışırıq biz. Bu məsələlərə, xahiş edirəm, bir az diqqətlə yanaşaq. Bu başqa söhbətdir, ərizənizi yazın, çıxın oradan. Amma xahiş edirəm, bir az çıxışlara da diqqət eləyək. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mənim gündəliklə bağlı heç bir iradım yoxdur. Sadəcə, bir təkliflə çıxış eləmək istəyirəm. Mən təklif edirəm ki, biz yaxın vaxtlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi haqqında bir qanun layihəsi üzərində işləyək. Mənə elə gəlir ki, biz belə bir qanun qəbul eləsək, müstəqil Azərbaycan dövləti öz vətəndaşını necə görmək istəyir sualına əsaslı, sistemli cavab tapa bilərik. Belə bir qanunu qəbul eləməklə sovet psixologiyasından mümkün qədər uzaqlaşmaq mümkündür. Eyni zamanda, biz müxtəlif xarici ölkələrdən ixrac olunan ideologiyaların təsirini azalda və fərdlərin vətəndaşlıq mövqeyinin daha da güclənməsinə nail ola bilərik.
Hörmətli Sədr, keçmiş sovet respublikalarının əksəriyyətində, o cümlədən də Rusiya Federasiyasında belə bir adda qanun qəbul edilib. Belə bir qanun qəbul eləməklə biz yeni nəslin tərbiyə edilməsi və ölkədə yeni vətəndaş modelinin formalaşdırılması məsələsinə də, dövlət siyasətinin əsaslarının, habelə təhsil, müdafiə və gənclər nazirliklərinin, bələdiyyələrin, rəsmi, kütləvi informasiya vasitələrinin fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi məsələsinə də yardım eləyə bilərik. Eyni zamanda, mən hesab edirəm ki, belə bir qanun qəbul olunsa, biz milli kimliyimizi, milli maraqlarımızı gözləməklə yanaşı, ictimai fəallığı yüksək olan müasir qərb ölkələrindəki vətəndaş obrazını da qanunda ehtiva eləyə bilərik.
Bu zərurəti nə yaradır? Hörmətli Oqtay müəllim, qarşıdan 28 May dövlət bayramı gəlir və yəqin ki, bu bayram ərəfəsində də əfv fərmanı imzalanacaq. Mən sizin yadınıza salmaq istəyirəm ki, bir neçə il öncə Qarabağ partizanları adı altında 22 nəfərə yaxın gənc həbs olunub. Onlar işğal altında olan torpaqlarımızı qorumaq məqsədini əsas götürüb dəstə yaradaraq Qarabağa getmək istədikləri üçün indi həbsdədirlər. Demək olar ki, yarısı azadlığa buraxılıb, amma təxminən 11 nəfəri hələ də həbsxanadadır. Mən hesab edirəm ki, yaxın vaxtlarda əfv fərmanı imzalansa, həmin gənclərə də...
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan bir mövzuya toxunmaq istəyirəm. Amerika Birləşmiş Ştatları ilə İran arasında münasibətlərin kifayət qədər kəskin olması və gələcəkdə hər hansı şəkildə bölgədə müharibə təhlükəsinin real olması ilə bağlı təklif edirəm ki, Milli Məclisin qapalı iclası keçirilsin və ölkənin icra strukturları, xüsusilə də Xarici İşlər Nazirliyi gələcəkdə bu bölgədə baş verəcək hadisələrə Azərbaycanın reaksiyasının necə olacağı barədə məlumat versinlər. Xatırlayırsınızsa, 3-4 il öncə Türkiyədə ictimai rəy belə idi ki, Amerika Birləşmiş Ştatlarının İraqla bağlı hər hansı müdaxiləsi baş verərsə, o zaman Türkiyənin mövqeyi nəzərə alınmadan heç bir addım atılmayacaq. Halbuki Amerika Birləşmiş Ştatları Türkiyənin mövqeyinə əhəmiyyət vermədən İraqda istədiyi siyasəti həyata keçirməyə başladı. Gələcəkdə də İranda Azərbaycanın mövqeyinə qətiyyən əhəmiyyət verilmədən belə bir siyasətin yürüdülməsi realdır. BMT-nin qətnaməsinin icra müddətinin tamamlanmasına da az qalır. Ona görə mən millət vəkillərinin də fikirlərinin dinlənməsi baxımından ən azı məlumatlandırma xarakterli qapalı iclas keçirilməsini təklif edirəm.
İkinci məsələ bu gün Azərbaycanda senzura ilə bağlı məsələdir. Bizdə xarici təşkilatlara tez-tez raportlar verilir ki, senzura ləğv olunubdur. Bəlkə də mətbuatda ləğv olunubdur, amma Azərbaycan Milli Məclisi üzərində AzTV-nin senzurası hələ də ləğv olunmayıbdır. Hər bazar ertəsi Məclisdən qısa müddət ərzində verilən proqramlarda AzTV elə bir senzura tətbiq edir ki, ümumiyyətlə, müxalif fikrin səslənməsinə imkan verilmir. Diqqət edin, Nazirlər Kabinetinin hesabatı ilə bağlı bir ciddi müxalif fikir səslənmədi. Guya AzTV onu versə idi, dünya dağılacaqdı.
Oqtay müəllim, Aparatın özünün strukturları var. Ona görə də mən təklif edirəm ki, Siz özünüz bu işə müdaxilə edəsiniz. Verilişlər burada hazırlanıb AzTV-yə göndərilsin və hər millət vəkilinin, heç olmasa, müəyyən məsələlərə dair mövqeyi orada səsləndirilsin. Çünki seçicinin informasiya almaq hüququ var. O bilməlidir ki, millət vəkili hansı mövqedə durur. Əks halda bizi elə vəziyyətə gətirəcəklər ki, biz burada çıxış eləməzdən öncə çıxışımızın mətnini AzTV-nin sədrinə verəcəyik. O yoxlayıb razılıq verəndən sonra biz burada çıxış edib, çıxışımızı televiziyada görə biləcəyik. Ona görə də bu anormal münasibəti, məncə, ortadan qaldırmaq üçün səy göstərmək lazımdır.
Sədrlik edən. Çox sağ olun. Bir dəfə Qüdrət Həsənquliyev də bu məsələni qaldırmışdı. Mən tam səmimiyyətlə deyirəm, AzTV iqtidar nümayəndəsi ilə birlikdə müxalifət nümayəndəsini də göstərir. Mən bunu sizə sübut da edə bilərəm. Sadəcə olaraq, bu verilişə ayrılan vaxt qısa olduğu üçün hamının çıxışları efirə getmir. Bu bir. İkincisi, biz demişdik ki, Milli Məclisin öz telesistemini yaradacağıq. Bu sahədə indi müvafiq işlər gedir. O hazır olanda bu problemlər aradan qalxacaq.
Bir də xahiş edirəm, hamının qabağında kompüter var, 3 dəqiqə vaxt ayrılıb, çalışın 3 dəqiqə ərzində çıxış edin. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bizim bugünkü iclasımızın gündəliyində kifayət qədər ciddi məsələlər var və ümidliyəm ki, bu istiqamətdə bizim qanunların qəbul edilməsi Azərbaycanın sosial-iqtisadi həyatının qanunvericilik bazasının möhkəmlənməsi baxımından irəliyə doğru addım olacaqdır. Amma bununla bərabər, xüsusilə mətbuat və televiziyalarla bağlı bir sıra məsələlər var. Bunların bir çoxunun nümayəndələri məndən xahiş edib, bunu, Oqtay müəllim, Sizin və hörmətli millət vəkillərinin diqqətinə çatdıraq.
Enerji daşıyıcılarının qiymətlərinin qalxması ilə əlaqədar mətbuatda ağır bir vəziyyət yaranmışdır. Məlum olduğu kimi, mətbuat ən azı 50 faiz enerji daşıyıcılarının üzərində oturubdur və bu qiymətlərin qalxması mətbuatın çap, nəşr, yayım xərclərinin artmasına gətirib çıxarmışdır. Əgər biz dövlətin himayəsində olan böyük müəssisələrə bu istiqamətdə güzəştli qiymətlər tətbiq ediriksə, bu ölkənin demokratik yükünü öz çiyinlərində çəkən mətbuat orqanlarına niyə bunu tətbiq etmirik?
İkincisi, mən Nuşirəvan müəllimin də burada olmasından istifadə edərək bilmək istəyirəm ki, ANS-lə bağlı bu oyunlara nə vaxt son qoyulacaq. Artıq bir ilə yaxındır ki, bu televiziya şirkəti üzərində eksperimentlər aparılır. Lisenziya verilməsi elan edilir, müxtəlif bəhanələrlə ləğv edilir, təzədən elan edilir. Bu ölkədə hakimiyyətin nəzarətində olan televiziya kanalları heç bir qayda-qanuna riayət eləmir. Ölkədə az-çox millətin problemləri ilə bağlı verilişlər yayan, canlı efirlər təşkil edən ANS televiziyasıdır və hakimiyyətin nəzarətində tam olmadığına görə bu televiziya kanalına belə münasibət, hesab edirəm, yolverilməzdir. Mən bir millət vəkili olaraq xahiş edirəm, bu məsələdə Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına riayət edilsin.
Bundan başqa, hakimiyyəti bu və ya digər formada tənqid edən mətbuat orqanlarına qarşı kütləvi, total hücumlar başlayır. Bir müddət əvvəl biz bunu “Azadlıq” qəzetinə münasibətdə gördük. Ondan sonra “Yeni Müsavat” qəzetinə münasibətdə gördük. Bu gün “Реальный Ðзербайджан” – “Gündəlik Azərbaycan” qəzetlərinə münasibətdə görürük. Əgər hansı məmur narazıdırsa, öz işini düzəltsin. Mətbuatdan qisas almağa ehtiyac yoxdur.
Bundan əlavə, Oqtay müəllim, mən Baş nazirin müavininin də qəbulunda olmuşam, “Azərsu” ilə də əlaqə saxlamışam. Böyükşorda 20-yə yaxın evi yanvar ayından bəri su basıb. Hakimiyyət orqanları bir-birinə teleqram vurmaqla...
Sədrlik edən. Çox sağ olun, Cəmil müəllim. Birincisi, Böyükşorda tikilənlər gecəqondulardır. Suyun üzərində evlər tikiblər. Yol çəkilir, ərazi sıxılır, su qalxır. Bu yerin altı sudur.
İkinci məsələ. Heç bir mətbuat orqanına dövlət tərəfindən dotasiya verilmir, Cəmil müəllim. Xahiş edirəm, sözlərimizdə dəqiq olaq. Mətbuatda qiymət qalxıbsa, dövlət qəzetlərində olduğu kimi, özəl qəzetlərdə də qalxıb. Artıq vaxt bitib. Daha bir nəfərə söz verirəm, onunla da müzakirələr bitir. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də gündəlikdə təqdim olunmuş qanun layihələrinə səs verəcəyəm. Deputat həmkarlarımı da bunlara səs verməyə çağırıram.
Cənab Sədr, bizim parlamentdə çıxışlara qulaq asanda elə bilirsən ki, Azərbaycan parlamentində yox, Avropa Birliyinin parlamentində, yaxud BMT-nin Təhlükəsizlik Şurasındasan. Azərbaycanın problemlərindən başqa, İran, Turan, Əfqanıstan, Pakistan, İndoneziya və digər məsələlər burada müzakirə olunur. Demək olar ki, bir budaqda oturub min bir budağı silkələməklə məşğuluq. Mənim o dövrlər yadıma gəlir ki, burada biri deyirdi, Çinə bayraq taxacağam, biri deyirdi, Hindistana taxacağam, biri deyirdi ki, Orta Asiyada inqilab edəcəyəm. Və onların da yumruqları Azərbaycana dəyirdi. Bu adamlar, əslində, Azərbaycanın düşmənlərinə kömək elədiklərini düşünmürdülər. Biz öz qanunvericiliyimizlə, seçicilərimizin rifah halının yaxşılaşdırılması ilə, onlarla münasibətlərin qurulması ilə bağlı qanun layihələri təqdim etməliyik. Hər hansı beynəlxalq məsələ və beynəlxalq proseslər, hesab edirəm ki, dövlət tərəfindən ciddi şəkildə izlənilir və lazım gələndə lazımi addımlar atılır.
Burada bir fikri də söyləmək istəyirəm. Mənim həmkarım Qüdrət Həsənquliyev burada qeyd elədi. Mən Qüdrət müəllimin hisslərini başa düşürəm, amma bir şeyi xatırlatmaq istəyirəm ki, Heydər Əliyevi nə Əbülfəz Elçibəy, nə də digərləri hakimiyyətə gətirdi. Heydər Əliyevi Azərbaycan xalqı hakimiyyətə gətirdi. Ona Azərbaycan xalqı, Azərbaycan seçiciləri səs verdi, təkidli şəkildə tələb elədi və Heydər Əliyev hakimiyyətə gəldi. Ona görə də bunu kiminsə adına yazmaq, mən hesab edirəm ki, düz deyil. Heydər Əliyev də xoş günə gəlməmişdi. Dağılmış, parçalanmış, ərazilərinin bir hissəsi işğal olunmuş, vətəndaş müharibəsi ərəfəsində olan Azərbaycana gəlmişdi. Elə bir Azərbaycana gəlmişdi ki, büdcəsinə süpürgə çəkmişdilər. İndi məbləği 6 milyarddan artıq olan büdcə haqqında danışırıq. Bunların hamısını Heydər Əliyev gəlib yaratdı və o iqtisadi inkişafı da Heydər Əliyev yaratdı.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Cəmil müəllim mətbuatla bağlı qeyd etdi. Prezident tərəfindən 4-5 mətbuat orqanının borcları dondurulubdur. Əksəriyyəti də elə müxalifət qəzetlərinin borclarıdır. Burada diqqət və qayğının olmamasından necə söhbət gedə bilər? Dəfələrlə kömək olunubdur. Məhkəmələrə, dövlət nəşriyyatlarına olan milyardlarla manat borc ləğv olunubdur. Burada hansı ayrı-seçkilikdən və ya ögey münasibətdən söhbət gedə bilər? Məgər jurnalist kimisə təhqir edə bilər, onun haqqında nalayiq sözlər yaza bilər? Bu adam bütün bunlara dözməli və heç kəsi də məhkəməyə verməməlidir? Bu yazan hətta Xocalı kimi faciədən istifadə edib bizim əleyhimizə...
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim, müzakirələri qurtardıq. Mən bir şeyi qeyd eləmək istəyirəm. Avropa Şurasından danışdınız. Avropa Şurası qarşısında Azərbaycanın öhdəliklərinə görə çoxlarının narahatlığı vardı ki, orada Azərbaycana sanksiya tətbiq olunacaq. Avropa Şurasında Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmadı. Öhdəliklər barədə məlumat dinlənildi, Azərbaycanda gedən demokratik proseslərə çox yüksək qiymət verildi. Nümayəndə heyətimiz qayıdanda mən tapşıracam ki, növbəti iclasda geniş məlumat versinlər ki, iclas necə keçib. Bundan sonra narahatlığa səbəb olmasın. Çox sağ olun, müzakirələr bununla bitdi. Keçirik gündəliyə.
Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, gündəliyin 1-ci və 2-ci məsələləri Azərbaycan Respublikası Hesablama Palatası sədrinin işdən azad edilməsi və yeni sədrin təyin edilməsi barədədir. Hörmətli Namiq Nəsrullayev 6 ildən çox Hesablama Palatasının sədri olub. Hesablama Palatasında ilk sədr olub. Müəyyən işlər görüb, işləyib. Ancaq bildiyiniz kimi, bir neçə əməliyyat keçirib. İndi səhhəti ilə əlaqədar olaraq Milli Məclisə müraciət edib işdən azad olunmasını xahiş eləyib. Mən hesab edirəm ki, biz Namiq müəllimə Allahdan şəfa arzulayıb onun bu ərizəsini qəbul etməliyik. Etiraz yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Hörmətli deputatlar! Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə görə Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların təqdim olunması Milli Məclisin Sədrinə həvalə olunub. Mən Milli Məclisin Sədri kimi Hesablama Palatasının sədri vəzifəsinə Heydər Xanış oğlu Əsədovun namizədliyini təqdim edirəm.
Heydər Əsədov maliyyə nazirinin müavinidir. O, fəhləlikdən başlayaraq çox böyük həyat yolu keçib. 1996-cı ildə Azərbaycan Respublikası Baş Xəzinədarlığının direktoru təyin olunub və bu xəzinədarlığın yaranmasında çox böyük rolu olub. Onu da deyim ki, Azərbaycan Xəzinədarlığı bütün beynəlxalq təşkilatlar arasında nümunə kimi göstərilir və bütün ölkələrdə təbliğ olunur. Mən təklif edirəm ki, Heydər Xanış oğlu Əsədov Hesablama Palatasına sədr təyin edilsin. Etiraz yoxdur? Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu. İcazə verin, hamımızın adından Heydər müəllimi təbrik edək! Heydər müəllim, əgər bir söz demək istəyirsinizsə, buyurun.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə mən ölkənin ali nəzarət qurumunun rəhbəri kimi məsul vəzifəyə təqdim edilməyimə verdiyi xeyir-duaya görə və ölkədə yaratdığı demokratik mühitə görə hörmətli Prezident Zati-aliləri cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, cənab Sədr, mənə böyük etimad göstərərək verdiyiniz təqdimata görə Sizə və bu səsvermə ilə mənə etimad göstərdiklərinə görə Milli Məclisin üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm.
Azərbaycanda iqtisadi inkişafın dünyada analoqu olmayan sürətli və dinamik xarakter aldığı bir zamanda mənə həvalə edilən vəzifənin məsuliyyətini tam dərk etdiyimi və həyata keçirməli olduğum missiyanın yükünü hiss etdiyimi qarşınızda bəyan edirəm. Təbii ki, hörmətli Namiq müəllimin rəhbərliyi altında Palatanın fəaliyyətinin təşkili və onun formalaşdırılması üçün bir sıra mühüm işlər görülmüşdür. Mən də, cənab Sədr, Sizə qoşularaq Allahdan ona şəfa diləyirəm.
Bununla bərabər, müxtəlif mənbələrdən pul gəlirlərinin həcminin dəfələrlə artması, pul bazasının genişlənməsi, xarici maliyyə bazarlarına çıxış, mütərəqqi bazar seqmentlərindən istifadənin artması Palata qarşısında tamamilə yeni vəzifələr qoyur. Bu baxımdan qarşımızda maliyyə axınından istifadənin səmərəliliyinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi və sair kimi çox qlobal məsələlər durur. Zənnimcə, yeni şəraitdə Palata nəinki fiskal vəziyyəti, həmçinin makroiqtisadi durumu təhlil edən və onun tənzimlənməsinə təsir göstərən bir quruma çevrilməlidir. Hesablama Palatası ilə adi subyektlər arasında, eləcə də millət vəkilləri ilə Palata və adi subyektlər arasında əməkdaşlığın, hesabatlılığın yaxşılaşdırılması və yeni formaların müəyyən edilməsi istiqamətində işlər görülməlidir.
Qarşıda duran vəzifələri tam sadalamadan fikirlərimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, hörmətli millət vəkillərinin və digər qurumların təkliflərini nəzərə alaraq Palatanın kollektivi dəqiq fəaliyyət planı və inkişaf strategiyası müəyyənləşdirib həyata keçirəcək, möhtərəm Prezidentin bizə göstərdiyi etimadı doğruldacaqdır. Mən bu işdə bizə verəcəkləri dəstəyə görə hər bir kəsə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Xahiş edirəm, keçin, əyləşin. Hesablama Palatasının yeri sol tərəfdə, ürək tərəfdədir. Arzu edək ki, həmişə də belə olsun.
Gündəliyin 3-cü məsələsinə keçirik. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Belə bir xoş əhval-ruhiyyədən sonra, Hesablama Palatasının hörmətli sədri Heydər Əsədovun çox qısa, lakin dərin məna daşıyan çıxışından sonra mənim də vəziyyətim xeyli yüngülləşir.
Sözün əsl mənasında, Azərbaycan Respublikasında son illərdə yaradılan mühüm təsisatlardan biri də Hesablama Palatası olmuşdur. Hesablama Palatası bu illər ərzində formalaşmış əhəmiyyətli bir quruma çevrilmiş, Azərbaycan Prezidentinin apardığı iqtisadi siyasəti dəstəkləmiş və eyni zamanda Azərbaycanın sosial-iqtisadi həyatı ilə bağlı bir neçə prinsipial məsələnin həllinə nail olmuşdur. Artıq biz deyə bilərik ki, Azərbaycanda Hesablama Palatası təsisatı formalaşmışdır. Bu qurum büdcə vəsaitlərindən səmərəli istifadədə, makroiqtisadi sabitlikdə büdcə sisteminin rolu ilə əlaqədar konkret təhlillər aparmış və bununla da Azərbaycanda büdcə intizamının möhkəmlənməsi sahəsində əməli işlər görmüşdür.
2006-cı ilin hesabatı ilə əlaqədar olaraq mən aşağıdakıları qeyd etmək istərdim. İlk növbədə, Hesablama Palatası Azərbaycanın dövlət büdcəsinin formalaşması, gəlirlərinin, xərclərinin üzərində nəzarətin təkmil olması istiqamətində konkret addımlar atmışdır. Məlumat üçün bildirmək istəyirəm ki, Hesablama Palatasının apardığı təhlillər bizə müntəzəm olaraq verilmişdir. Mən deməzdim ki, bu təhlillərin hamısı günün tələblərinə cavab verir və heç bir nöqsanı yoxdur. Amma bütövlükdə 2006-cı il üzrə Hesablama Palatasının apardığı təhlillər Azərbaycan Respublikasının dövlət büdcəsinin daha təkmil olmasına kömək etmişdir. Biz sizinlə bu barədə dövlət büdcəsinin təsdiqi və müzakirəsi zamanı ətraflı danışmışıq. Ona görə mən sizi rəqəmlərlə yormaq istəmirəm.
Təqdim olunan hesabatda dövlət büdcəsinin gəlirləri, onu formalaşdıran mənbələr, dövlət büdcəsinin xərcləri, strukturu, dövlət büdcəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq görülmüş tədbirlər öz əksini tapmışdır. Təbii ki, – Heydər müəllim də dedi, – makroiqtisadi təhlil sistemi daha da təkmilləşdirilməlidir. Ölkənin dövlət büdcəsinin strukturunun təkmilləşdirilməsi istiqamətində Hesablama Palatası öz fəaliyyətini daha da canlandırmalıdır. Biz bu məsələ ilə əlaqədar olaraq Oqtay müəllimin bir neçə gün əvvəl verdiyi tövsiyələri də nəzərə almışıq.
Dünən İqtisadi siyasət daimi komissiyasında Hesablama Palatasının 2006-cı il üzrə hesabatı dinlənildi. Həqiqətən, çox işlər görülməsinə baxmayaraq, bir sıra istiqamətlər üzrə, təbii ki, təkmilləşdirmələrə ehtiyac vardır. Bu təkmilləşdirmələr hansı istiqamətdə olmalıdır? İqtisadi siyasət daimi komissiyasında millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Nazim Məmmədov və digərləri çıxış edərək həmin istiqamətlərin bəziləri barədə öz mülahizələrini söylədilər. Onlardan birincisi, dünən çıxışda Azər müəllimin qeyd etdiyi kimi, heç şübhəsiz ki, makroiqtisadi təhlilin daha sistemli aparılmasıdır. Bu gün Hesablama Palatasının fəaliyyətini canlandırmağın mühüm istiqamətlərindən biri də İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər qurumlarla Hesablama Palatasının əlaqəsini gücləndirməkdən ibarətdir. Ümumiyyətlə, koordinasiya işinin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Biz həmişə deyirik: Maliyyə Nazirliyi, hökumət burada hesabat verəndə makroiqtisadi göstəricilər haqqında çox ətraflı məlumat verirlər. Təzədən bu məlumatları olduğu kimi təkrar etməyə və eyni nəticələri məruzədə göstərməyə ehtiyac yoxdur.
Vacib məsələlərdən biri barədə mən dünən, Oqtay müəllim, Sizə də məlumat verdim. Bəzən Hesablama Palatası bir sıra çətinliklərlə üzləşir. Bəzi təşkilatlar hesabat vermir, lazım olan informasiyaları vermirlər. Hesabatda belə bir ifadə işlənib: “dəfələrlə dediyimizə baxmayaraq”. Mənə elə gəlir ki, Hesablama Palatası bu cür qiymətləndirmələrdən uzaq olmalıdır. Çünki ən ali maliyyə-nəzarət orqanıdır. Əgər bir neçə dəfə müraciət edilirsə, buna münasibət bildirilmirsə, bu, ilk növbədə, Hesablama Palatasının işinin təkmilləşdirilməsini zəruri edir. Hesablama Palatasının 2006-cı ildə hesabatından aydın oldu ki, Hesablama Palatasının informasiya bazası qənaətbəxş deyil. Hesablama Palatası artıq qeyd olunduğu kimi, artan gəlirlərin daha səmərəli istifadə mexanizmi üzərində fikirləşməlidir.
Mən bu gün səhər saat 9.30-da Dünya Bankının və Maliyyə Nazirliyinin təşkil etdikləri seminarda iştirak edirdim. Həqiqətən, ürəkaçan fikirlər söylənilir. Amma eyni zamanda, biz bəzən kənardan elə tövsiyələr alırıq ki, o tövsiyələr Azərbaycanın milli maraqlarına cavab vermir. Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Hesablama Palatasının kifayət qədər professional mütəxəssisləri var və biz həmin mütəxəssislərin köməkliyi ilə büdcə üzərində nəzarəti daha da gücləndirə, büdcə şəffaflığının daha da artırılmasını təmin edə, inflyasiya təzyiqinin artmasına baxmayaraq, hökumətə, dövlət başçısına, parlamentin rəhbərliyinə və Milli Məclisə büdcə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar dəyərli tövsiyələr verə bilərik.
2006-cı ildə Hesablama Palatasının fəaliyyətində diqqətimi cəlb edən məsələlərdən biri də onun konkret istiqamətdə gördüyü işlərin miqdarının artmasıdır. Bu bizim komissiyada da xüsusi olaraq vurğulandı. Ayrı-ayrı təşkilatların yoxlanılması istiqamətində cəsarətli addımlar atılır. Lakin bu addımların təsir dairəsi, nəticəsi barədə hesabatda kifayət qədər məlumat verilməmişdir. Mən ona görə də İqtisadi siyasət daimi komissiyasının adından hesab edirəm ki, bu tövsiyələr mütləq nəzərə alınmalıdır. Hesablama Palatasının yeni sədri Heydər müəllimlə də bizim komissiyada söhbət oldu. Mən hesab edirəm ki, 2007-ci ilin hesabatı Azərbaycanda gedən sosial-iqtisadi proseslər kontekstində daha keyfiyyətli olacaq. Maliyyə şəffaflığının təmin edilməsi istiqamətində bizim atdığımız addımlar burada öz əksini daha ətraflı tapacaq. Eyni zamanda, Azərbaycanda artma ehtimalı olan inflyasiyanın qarşısının alınmasına, maliyyə şəffaflığının təmin edilməsinə, büdcə xərclərinin cənab Prezident tərəfindən müəyyən edilmiş strateji proqramlar ətrafında cəmlənməsinə və ən başlıcası, bu strateji proqramların maliyyə tutumunun müəyyən edilməsinə, onların səmərəliliyinin artmasına xidmət edəcəkdir.
Mən bununla çıxışımı bitirirəm. Nəzərə alaq ki, hesabat millət vəkillərinə paylanıb və onlar, yəqin ki, imkan olsa, sual verə, çıxış edə bilərlər. Mən də sizi bu hesabatı nəzərə almağa dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hesablama Palatası sədrinin müavini Abbas Allahverdiyev.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkəmizdə demokratik dövlət quruculuğu son dövrlərdə daim yüksələn xətlə inkişaf edir. Demokratik dəyərlər cəmiyyətimizin həyat normalarına çevrilir. Dövlət idarəçiliyində hakimiyyətin bölgüsü prinsipinin real nəticəsi kimi, Hesablama Palatasının öz fəaliyyəti haqqında Milli Məclisə hesabat verməsi işgüzar xarakter almışdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu iqtisadi islahatlar və neft strategiyası dövlətimizin güclənməsində əsaslı faktora çevrilmişdir. İqtisadiyyatda baş verən ciddi keyfiyyət dəyişiklikləri yüksək idarəetmədə dövlətin rolunun xarakterini dəyişməkdədir. Prezident möhtərəm İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində indi dövlət idarəetmə sistemi cəmiyyət üçün yüksək keyfiyyətli ictimai xidmətlərin təminatçısına çevrilir. Bu, demokratik inkişafın təzahürüdür.
Ölkəmizin son 3 ildəki iqtisadi inkişafını səciyyələndirən ən mühüm meyl isə iqtisadiyyatda maliyyə axınlarının artması və sürətlənməsidir. Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitlərinin həcmi görünməmiş sürətlə artır. Belə şəraitdə ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının rolu və vəzifələri dəyişməlidir. Ona görə də biz Hesablama Palatası kimi çağdaş şəraitdə əsas vəzifəmizi ali maliyyə nəzarətinin iqtisadi inkişafın xarakteri ilə uzlaşdırılmasının təmin olunmasında görürük.
Hörmətli millət vəkilləri, 2006-cı ildə fəaliyyətimiz haqqında geniş hesabat sizə təqdim olunmuşdur. Hesabatımız ildən-ilə zənginləşir. Bu həm fəaliyyətimizin güclənməsi, həm də Palata sisteminin məntiqi ilə əlaqədardır. Struktur etibarilə hesabat bir neçə hissədən ibarətdir. Hesablama Palatasının əsas funksional vəzifələrinin icrası, konkret nəzarət tədbirləri və fəaliyyətimizin təşkilati-metodoloji və maddi-texniki təminatı ilə bağlı məlumatlar ayrı-ayrı bölmələrdə əks olunmuşdur. Məlumat üçün nəzərinizə çatdırmaq istəyirəm ki, nəzarət tədbirləri üzrə bölmə Hesablama Palatası haqqında qanunvericiliyə əsasən maliyyə istiqamətləri üzrə auditorların hesabatları əsasında formalaşdırılmışdır.
2006-cı ildə funksional vəzifələrin icrası ilə yanaşı, 24 ekspert-analitik təhlil və 18 adi formada nəzarət tədbiri aparılmışdır. Nəticələrin əksəriyyəti Hesablama Palatasının iclasında müzakirə olunmuş, müzakirələrin nəticələri üzrə qanunvericiliyə müvafiq formada Milli Məclisə məlumatlar verilmişdir. Hesabat ilində vergi gəlirləri üzrə Aztelekom İstehsalat Birliyi və Keşlə Yükdaşıma Stansiyasında, dövlət rüsumları üzrə Bakı şəhər Notariat Kontorları və Avtonəqliyyat Servis Departamentində, təhsil xərcləri üzrə Təhsil Nazirliyində və Dillər Universitetində, teleradio xərcləri üzrə İctimai televiziyada, investisiya xərcləri üzrə Nəqliyyat Nazirliyi sistemində və “Azərenerji” Səhmdar Cəmiyyətində, yerli büdcələrin maliyyə-büdcə ekspertizası üzrə Xətai rayon bələdiyyəsində, Dövlət Neft Fondunun audit çərçivəsində, qaçqın və köçkünlərin sosial-məişət və məskunlaşması məsələləri üzrə xərclərlə bağlı Dövlət Qaçqınkomda aparılmış nəzarət tədbirləri daha böyük əhəmiyyət kəsb edir.
Nəzarət tədbirlərinin yekunları müvafiq nazirlik və idarələrin rəhbərlərinin iştirakı ilə ətraflı müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmiş və aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təqdimatlar göndərilmişdir.
Hesablama Palatasının nəzarət tədbirlərinin ən mühüm məqsədləri ölkənin ali maliyyə nəzarəti orqanı kimi funksional vəzifələrimizin icrası üçün dolğun informasiya bazasının yaradılmasıdır. Bu baza ildən-ilə genişlənir və zənginləşir. Hesabat ilində Palata dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə, müvafiq hesabata, 2006-cı il dövlət büdcəsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsinə, 2007-ci ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihələrinə rəy vermiş, 2006-cı il dövlət büdcəsi haqqında rüblük məlumatları Milli Məclisə təqdim etmişdir. Rəy və məlumatlarda icra orqanlarının məlumatları ilə yanaşı, apardığımız nəzarət tədbirlərinin nəticələrindən istifadə olunmuşdur.
Nəticələr sizə təqdim olunmuş hesabatda əks olunmuşdur. Onları təkrar etməmək üçün yalnız bir neçə məqamı diqqətinizə yönəltmək istərdim. Dövlət idarəetmə orqanlarının Hesablama Palatasının rəylərinə münasibəti dəyişir. Son dövrlərdə bizim rəylərimizdə qeyd olunan bir neçə mühüm sistem xarakterli problemlər artıq öz həllini tapmaqdadır. Belə ki, daha təkmil vahid büdcə təsnifatının qəbulu, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin büdcədə toplanması, bir sıra iri büdcə sərəncamçıları sistemində maliyyə və inzibati idarəetmə sistemlərinin uzlaşdırılması, ilin sonuna istifadə olunmamış büdcə vəsaitlərinin cari dövriyyədən çıxarılması və sair kimi bizim rəylərimizdə daim öz əksini tapmış məsələlər, əsasən, həll olunmuşdur.
Lakin bütün problemlərin tam həll olunduğunu söyləmək hələ tezdir. Palatanın fəaliyyətdə olduğu 5 il ərzində “Hesablama Palatası haqqında” Qanuna bir neçə düzəlişlər və dəyişikliklər edilmiş, Palatanın səlahiyyət dairəsi xeyli genişlənmişdir. Lakin hələ də dövlət büdcəsi və icmal büdcənin auditi, bələdiyyə büdcələrinin istifadəsinə nəzarətin və sair kimi funksiyaların icrası üçün bəzi hüquqi-metodoloji çətinliklər qalmaqdadır. Məsələn, büdcələrarası transferlərin mexanizmlərinin olmaması, inzibati və maliyyə-idarəetmə sistemlərinin bir çox hallarda fərqliliyi, hökumətin daxili nəzarətinin qeyri-təkmilliyi, bir sıra dövlət idarəetmə orqanları və təşkilatlarının nəzarət tədbirlərinin aparılmasına imkan yaratmaması, bizim sorğularımıza mahiyyəti üzrə və vaxtında cavab verilməməsi və sair kənar nəzarəti həyata keçirən Hesablama Palatası üçün çətinliklər yaradır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, növbəti məqam fəaliyyətimizin qanunvericilik bazası haqqındadır. Bizim rəy və məlumatlarımızda bu məsələ ilə bağlı mütəmadi olaraq müəyyən mülahizələr əks olunmuşdur. Bununla belə, bir daha vurğulamağı məqsədəuyğun hesab edirəm ki, maliyyə axınlarının sürətlə artdığı şəraitdə ölkəmizdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin təkmilləşdirilməsi üçün ilk növbədə dünya təcrübəsinə və Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının, yəni İNTOSAY-ın “Nəzarətin rəhbər prinsipləri” adlı Lima Bəyannaməsinin tövsiyələrinə uyğun olaraq dövlət maliyyə nəzarətinin əsas vəzifələri və prinsiplərini əhatə edən Dövlət maliyyə nəzarəti qanununun qəbul edilməsi vaxtı yetişmişdir. Onu da qeyd etməyi vacib sayıram ki, möhtərəm Prezident hələ 2006-cı ilin dövlət büdcəsinin tətbiqi ilə bağlı fərmanında belə bir qanunun hazırlanmasını müvafiq qurumlara tapşırmışdı. Maliyyə Nazirliyi və Hesablama Palatasının birgə hazırladığı qanun layihəsi hazırda beynəlxalq təşkilatlarda ekspertiza olunur. Yəqin ki, yaxın vaxtlarda bu qanun layihəsi geniş müzakirəyə çıxarılacaqdır.
Dünya təcrübəsində son dövrlərdə dövlət büdcəsinin funksiyalarının genişlənməsi sayəsində dövlət xərclərinin iqtisadi artımın təmin olunmasında rolu yüksəldilir. İndi ölkəmizdə də dövlət vəsaitlərinin büdcə mexanizmi vasitəsi ilə idarə olunmasının miqyası sürətlə genişlənib. Bu mexanizmdə dövlət büdcəsi ilə yanaşı, digər büdcə institutlarının da payı artır. İcmal büdcə və büdcə sistemi kimi maliyyə institutlarının nəinki həcmi artır, həm də onların tərkibi genişlənir. Digər tərəfdən hələ də müxtəlif səviyyəli büdcə strukturlarından kənarda əhəmiyyətli həcmdə dövlət vəsaitlərinin dövriyyəsi qalmaqdadır. Belə ki, dövlətin müxtəlif təbiətli maliyyə axınları, faktiki olaraq, fərqli mexanizmlərlə tənzimlənir. Ali maliyyə nəzarətinin missiyası baxımından, hesab edirik ki, ölkəmizdə dövlətin iqtisadi idarəetmədə rolunun güclənməsi və idarəetmə şəffaflığının artması üçün geniş mənada büdcə mexanizmi və bütövlükdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi artıq zərurətə çevrilmişdir. Bizim qənaətimizə görə, dövlətin iqtisadi funksiyalarının daha səmərəli, qənaətli olması və nəticələrinin həyata keçirilməsi üçün büdcə məcəlləsinin hazırlanması məqsədəuyğundur.
Hörmətli millət vəkilləri, 2006-cı ildə Hesablama Palatasının işi və problemləri barədə nəzərinizə çatdırdığım məsələlər göstərir ki, bizim fəaliyyətimizdə heç də hər şey rəvan deyildir. Çatışmazlıqlar və nöqsanlarımız yetərincədir. Biz onları görürük və aradan qaldırmağa çalışırıq. Eyni zamanda, bir daha vurğulamaq istəyirəm ki, bu işdə Milli Məclisin dəstəyinə böyük ehtiyacımız vardır. Çünki Palata bütövlükdə hələ yeni dövlət institutudur, dövlət idarəetmə sistemində və cəmiyyətdə onun rolu və vəzifələri haqda fikirlər müxtəlifdir. Ona görə də parlamentin yardımına ehtiyacımız çoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Keçirik müzakirələrə. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Hesablama Palatasının bizə təqdim olunan hesabatını oxumuşam və müəyyən fikirlərimi ümumi qaydada ifadə edəcəyəm. Amma ondan əvvəl bir məsələyə toxunmaq istəyirəm. Bu, Hesablama Palatasının strukturu ilə bağlıdır. Bilirik ki, Hesablama Palatası ali maliyyə qurumudur və respublika büdcəsinin hansı formada işlənilməsinə nəzarəti həyata keçirən bir orqandır. İqtidar da, Azərbaycan müxalifəti də, Azərbaycan cəmiyyəti də bütövlükdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə apardığını bəyan edir, şəffaflıq sisteminin təmin olunmasını dəfələrlə öz bəyanatlarında, strateji kurslarında göstərirlər. Mən təklif edirəm ki, 7 auditordan 2-si Azərbaycan müxalifətinin parlamentdə təmsil olunan hissəsinin təqdim etdiyi adamlardan olsun ki, bu şəffaflıq daha yaxşı şəkildə təmin oluna bilsin. Bu bir sıra ölkələrdə var. Ola bilsin, sizin bugünkü yanaşmanız bir az ironik olsun, amma dünyanın əksər ölkələrində bu tipli ictimai və dövlət nəzarəti institutlarında fərqli düşərgənin nümayəndələrinin bu sistemlərdə təmsilçiliyi təmin olunur. Bəli, əgər müxalifət təmsil olunmursa, yalnız iqtidar təmsil olunursa Hesablama Palatasının rəyi belə olur.
Hesablama Palatası Azərbaycanda keçən 1 il ərzində nə ilə məşğul olub? Hesablama Palatası yalnız ayrı-ayrı özəl şirkətlərin fəaliyyətini bu və ya digər şəkildə yoxlayıb. Ayrı-ayrı şirkətlər – kim hansı binanı tikdi, kim hansı işlə məşğul oldu, oradan nə qədər pul əldə etdi, neçəyə aldılar, neçəyə satdılar. Əslində, bunun dövlət büdcəsinə və pulun xərclənməsinə birbaşa aidiyyəti yoxdur. Bəli, iddia oluna bilər ki, həmin özəl şirkət də bu və ya digər şəkildə büdcənin formalaşmasında iştirak edir və vergi ödəyir. Amma onu yoxlayan orqan vergi orqanıdır. Hesablama Palatası birbaşa büdcədən ayrılan vəsaitin hansı şəkildə xərclənməsi ilə məşğul olur. Amma hesabatı açıb baxsaq görərik ki, hesabatda Hesablama Palatası nə qədər özəl müəssisənin adını sayıb, onların bilavasitə işinə müdaxilə edir. Bu, Hesablama Palatasının işi deyil.
Hesablama Palatasının rəyində bir dövlət müəssisəsinin yoxlanılması və dövlət müəssisəsində korrupsiya və rüşvətxorluq halları ilə bağlı, büdcə sistemindən oğurlanan pullarla bağlı, qeyri-qanuni vəsaitlərin hansı formada sərf olunması ilə bağlı bir cümlə belə yoxdur. Niyə bir dənə ciddi müəssisəni Hesablama Palatası yoxlamayıb və yaxud yoxladığı müəssisələrin hər hansı birində bir dənə də olsun fakt üzə çıxarıb burada nümayiş etdirməyib? Çox kiçik məbləğlər göstərməklə sanki cinayət hadisəsinə, cinayət prosesinə uyğunluğu olmasın deyə bu məsələləri göstərir. Hələ hesabatın bəzi yerlərində görün nə göstərilir – orfoqrafik səhvlərin, cümlə səhvlərinin tutulması. Sintaksis təhlillərin formasını tapıb yazıb bura. Nə dəxli var onun Hesablama Palatasına?
Mən hesab edirəm ki, Hesablama Palatası daha ciddi orqan kimi Azərbaycan büdcəsində olan pulun müxtəlif sferalara xərclənməsinə nəzarəti tam şəkildə həyata keçirməlidir. Növbəti ildə Hesablama Palatasının rəyi bu hesabatdakı kimi olmamalıdır. Güman edirəm ki, Hesablama Palatasının işini yaxşı təşkil etmək, səmərəli, şəffaf təşkil etmək üçün auditorların tərkibində dəyişiklik edilməlidir, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri auditliyə cəlb olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, auditorlar təbəqə yox, mütəxəssislər olmalıdır. Dünyada belə bir forma yoxdur ki, auditor müxalifət və ya iqtidar nümayəndəsi olsun. Auditorluğa namizədi Milli Məclisin Sədri təqdim edir. Nə vaxt müxalifət nümayəndəsi Milli Məclisin Sədri olar, onda təqdim edər. Cəmil Həsənli.
C. Həsənli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Azərbaycan parlamentinin çox ciddi məsələlərindən biri Hesablama Palatasının fəaliyyəti ilə bağlıdır. Artıq bir neçə ildir ki, Hesablama Palatası parlamentdə xüsusi hesabatla çıxış edir. Bu gün biz Hesablama Palatasının 2006-cı il üçün fəaliyyəti haqqında hesabatı dinlədik. Əgər biz bu hesabatları müqayisə etsək, ədalət naminə demək lazımdır ki, builki hesabat ötən ilki hesabata nisbətən bir qədər irəliyə doğru addımdır. Amma ümumilikdə hesabatla bağlı bizim burada deputat həmkarımız İqbal Ağazadənin dediyi fikirlərlə mən də şərikəm. Hesabatın hansı bölməsini oxuyursansa, sonluğunda məlum olur ki, Hesablama Palatası hansı dövlət orqanına, hansı nazirliyə müraciət edib sənədləri tələb edibsə, bir qayda olaraq, Hesablama Palatasına yetərincə sənədlər verməyiblər. Əlbəttə, nazirliklər, dövlət şirkətləri, özəl strukturlar yetərincə öz maliyyə sənədlərini, iş sənədlərini Hesablama Palatasına vermirlərsə, Hesablama Palatasının ciddi rəy hazırlamasına heç bir ümid bəsləmək olmaz.
Ancaq bununla bərabər, mən bir sıra qeydlərimi deyəcəyəm. Xahiş edirəm, bunu nəzərə alın ki, Hesablama Palatası Milli Məclisindir. Əgər Hesablama Palatası Vergilər Nazirliyinə müraciət edib nəyi isə tələb edirsə və Vergilər Nazirliyi bunu verməkdən imtina edirsə, bu, Milli Məclisə olan münasibətdir. Mən nümunə olaraq Vergilər Nazirliyinin adını çəkdim. Hesabatla tanış olanda məlum olur ki, hansı nazirliyə müraciət olunub, eyni qaydada cavablar alınıb. Ümid edirəm ki, qarşıdakı illərdə icra strukturları, ayrı-ayrı nazirliklər tərəfindən Milli Məclisə bu cür hörmətsiz münasibət aradan qaldırılacaq.
Rəydə diqqətimizi çəkən bir sıra məsələlərə öz fikrimizi bildirmək istəyirəm. Bunun birincisi onunla bağlıdır ki, Azərbaycan büdcəsini izləyəndə büdcə hesabına yatırılan sərmayələrin səmərəliliyinin çox aşağı olduğu üzə çıxır. Yəni bu, dövlət orqanları üçün xarakterik bir məsələdir. Necə olur ki, özəl strukturda eyni həcmdə investisiya tamamilə ayrı nəticələr verir, amma dövlət orqanlarına qoyulan sərmayələr həmin nəticələri vermir? Məsələn, Bakı şəhərinin daxilində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu il yol çəkilib, gələn il o yol təzədən çəkilir. Axı bu, büdcə hesabına olur. Bunun müəyyən bir müddəti olmalıdır, bu yol 3 il, 5 il, 10 il işlək olmalıdır. Ola bilməz ki, bu il yazda yol çəkilsin, gələn ilin yazında o təzədən qazılıb tökülsün və təzədən buna dövlət vəsaiti xərclənsin.
Daha sonra, əgər Hesablama Palatasının üzvləri diqqət yetirsəydilər, görərdilər ki, bir qayda olaraq, respublika nazirliklərində satınalmaların və xidmətlərin qiyməti mövcud bazar qiymətindən həmişə yuxarı göstərilir. Məsələn, bazarda armaturun tonu 850 dollara olduğu halda, dövlət hesabına aparılan tikintilərdə, bir qayda olaraq, 1200 dollara alındığı məlum olur. Bu nə ilə bağlıdır? “Azərenerji” barədə burada xüsusi bölmə var. Modul stansiyalar alıblar. Bir meqabaytı 1 milyon dollara qazla işləyən modul stansiyalardır. Eyni texniki göstəricilərlə Türkiyə həmin şirkətdən modul stansiyalar alıb, həm qazla işləyir, həm mazutla işləyir, 1 meqabaytı 500 min dollara. Birdən-birə Azərbaycanın aldığı bu tipli vəsaitlərin qiymətlərinin dünya bazarında olan qiymətlərdən iki dəfə artıq olması nə ilə bağlıdır? Mən xahiş edirəm, bunun səbəbini çıxış edən yoldaşlar göstərsinlər.
Kənd təsərrüfatına büdcə vəsaitlərinin ayrılması və təyinatı üzrə xərclənməsi. Bu çox ciddi məsələdir. Ona görə ciddi məsələdir ki, bir tərəfdən müvafiq nazirliklər deyirlər ki, Azərbaycanda 2003-2005-ci illərdə açılan 520 min iş yerinin 84 faizi regionlarla bağlıdır. O biri tərəfdən verdikləri hesabatda görünür, kənd təsərrüfatı vur-tut 0,9 faiz artıb ki, bu da qiymət artımının hesabınadır. Əgər belədirsə, büdcə vəsaitlərinin səmərəliliyi kənd təsərrüfatında niyə acınacaqlı vəziyyətdədir və Hesablama Palatası bu istiqamətdə hansı təklifləri vermək fikrindədir?
Dövlət büdcəsi ilə bağlı. Düzdür, dövlət büdcəsi ilə bağlı məsələlərə Hesablama Palatasının hesabatında toxunulub. Burada deyilir ki, ilin ortasında büdcəyə əlavələr edilməsi elə də yaxşı ənənə deyil. Mən bu fikirlə razıyam. Büdcə peşəkarcasına proqnozlar əsasında hazırlanmalıdır. 2004, 2005, 2006-cı illərdə ilin ortasında büdcə yenidən müzakirəyə çıxarılıb. Bu ənənəyə son qoymaq lazımdır. Büdcə elmi proqnozlara, təsərrüfat proqnozlarına əsaslandığı üçün ildə iki dəfə büdcənin müzakirə edilməsi müsbət ənənə deyil. Bu da nəzərə alınmalıdır.
Hesablama Palatası, yaxşı olardı, hesabatında göstərəydi ki, biz 2007-ci ilin büdcəsini müzakirə edən zaman orada enerji daşıyıcılarının qiymətinin artmasını nəzərdə tutmamışdıq və vətəndaşlar, istər hüquqi şəxslər, istərsə də fiziki şəxslər olsun, öz təsərrüfatlarını bizim qəbul etdiyimiz büdcədə enerji daşıyıcılarının qiymətlərinə uyğun qurmuşdular. Birdən-birə 2007-ci ilin yanvar ayının 6-da həm dövlət müəssisələri, həm özəl müəssisələr, həm də vətəndaşlar üçün gözlənilmədən qiymətlərin artırılması büdcə sisteminin pozulması demək deyildimi? Bu barədə, xahiş edirəm, izahat verilsin. İndi dövlət öz nəzarətində olan müəssisələrə köhnə qiymətləri şamil edir. Belə məlum olur ki, qiymət artımının hədəfi ancaq özəl müəssisələr və eyni zamanda vətəndaşlar olacaqlar.
Bank sistemində olan vəziyyətlə bağlı. Hesabatda bu məsələlərə geniş yer verilir, bir qayda olaraq, dövlət banklarının yeritdiyi siyasətdə yol verilmiş nöqsanlara toxunulmur. Məsələn, 2006-cı ildə Kapital Bankın özəlləşdirilməsi ilə bağlı ayrıca qanun verilibdir. Əvvəla, özəlləşdirmə haqqında dövlət proqramı var. Kapital Bankla bağlı hansı məsələ meydana çıxdı ki, bu özəlləşdirmə proqramına sığışmadı və bundan ötrü ayrıca qanun vermək zərurəti meydana çıxdı? Beynəlxalq Banka da bunu şamil etmək olar. 1998-ci ildən bəri dəfələrlə Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunur, amma bu günə qədər heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, hesabatda buna da münasibət bildirilməli idi. Ümumiyyətlə, bank sistemi ilə bağlı dövlət banklarının maliyyə bazarlarına nəzarət etməsi özəl bankların fəaliyyəti üçün çox ciddi maneələr törədir. Biz Hesablama Palatasının bu məsələyə dair də rəyini eşitmək istərdik.
Hesabatın bir çox yerlərində enerji daşıyıcılarının enerji sistemində və büdcədə yeri ilə bağlı söhbət gedir. Bir qayda olaraq, Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması üçün istehlak bazarını əsas götürürlər. Bəlkə maya dəyəri ilə bağlı məsələləri Hesablama Palatası bu gün gündəliyə çıxaraydı, göstərəydi ki, niyə həm qonşu dövlətlərlə, həm dünya dövlətləri ilə müqayisədə enerjinin müvafiq kilovat-saatı Azərbaycanda digər ölkələrdəkindən baha başa gəlir? Mən əminəm ki, bu yalnız texnikanın köhnə olması ilə bağlı deyil, bunun arxasında çox ciddi korrupsiya faktları dayanır.
Qiymətli kağızlar bazarının formalaşmaması ciddi məsələdir. İş adamlarının əlində alternativ mənbələri olmalıdır. Bu qiymətli kağızlar bazarının formalaşmaması...
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Hesablama Palatası bu gün Azərbaycan dövlətinin quruluşuna görə ali nəzarət orqanı sayılır. Hesablama Palatasının hesabatı millət vəkilləri tərəfindən çox ciddi araşdırılıb. Əgər biz nəzər yetirsək görərik ki, Hesablama Palatasının iş planında 39 audit, 44 ekspert-analitik tədbirdən cəmi 50 faizi yerinə yetirilib. 50 faiz, faktiki olaraq, yerinə yetirilməyib. Bunun səbəbi nədir? Hesabatda bu barədə məlumat yoxdur. Dövlət büdcəsinin icrası ilə əlaqədar rəylərdə vergilərin, xüsusilə mənfəət vergisinin, sadələşdirilmiş verginin yerinə yetirilməsi amilləri göstərilib. Amma bunların səbəbi nədir, hansı səbəblərdən bunlar yerinə yetirilməyib, yerinə yetirilməsi üçün nələr etmək lazımdır? Bunlar hesabatda öz əksini tapmayıb.
Hesablama Palatasında məlumat bazasının olmaması hesabatda tam dəqiqliklə öz əksini tapır. Bu müddət ərzində Hesablama Palatasında tam məlumat bazasının yaradılmaması təəssüf doğurur. Hesablama Palatasının bir sıra iri vergi ödəyiciləri, yəni dövlət təşkilatları tərəfindən yoxlamaya buraxılmaması bir daha onu göstərir ki, Hesablama Palatası öz məsuliyyətini hiss etmir. Yoxlamaların effektivliyi də mən deyərdim ki, bizdə şübhə doğurur. Çünki bütün yoxlanan müəssisələrdə istər iri vergi ödəyiciləri, istərsə də kiçik vergi ödəyiciləri olsun, korrupsiya halları aşkar edilir. Amma bu materiallar yalnız Maliyyə Nazirliyinə göndərilməklə iş bitmiş hesab olunur və bunların nəticəsi olaraq biz hesabatda heç nə hiss etmirik.
Tikinti ilə əlaqədar. Hesabatda qeyd olunduğu kimi, 15-ə yaxın tikinti təşkilatında yoxlama aparılıb. Bu yoxlamaların nəticəsindən aydın görünür ki, tikintidə böyük əyintilər, yeyinti hadisələri var, vergilər ödənilmir. Amma bunun nəticəsi olaraq heç bir təklif irəli sürülmür. Hesablama Palatasının rəqəmlərində də qeyri-dəqiqliklər var. Rəqəmlər yalnız iki miqdarı göstərilir. Ona görə də Hesablama Palatası bu işlərə diqqət yetirməlidir.
Ümumiyyətlə götürdükdə, mən deməzdim ki, Hesablama Palatasının hesabatı üzərində qeyri-mütəxəssislər işləyib. Burada çox gözəl mütəxəssislər var. Bu, hesabatdan da bilinir. Amma görünür, bunların səlahiyyətlərini yerinə yetirmək üçün imkan, şərait o qədər də yaradılmayıb.
Mən Hesablama Palatasının yeni sədrinin seçilməsi ilə əlaqədar bir neçə təklif vermək istəyirəm. Azərbaycanda, bilirsiniz ki, son illər çox böyük investisiya layihələri həyata keçirilir. Azərbaycanın 2007-ci il dövlət büdcəsində 2 milyard dollara yaxın əsaslı tikinti investisiya layihələri öz əksini tapıb. Bu layihələrin həyata keçirilməsi üçün şəffaflıq, korrupsiyaya yol verilməməsi əsas şərtlərdən biridir. Mən belə hesab edirəm ki, Hesablama Palatası Maliyyə Nazirliyi ilə birlikdə maliyyə nəzarəti haqqında qanun layihəsini bizə təcili təqdim etməlidir. Yəni böyük investisiya layihələrinin həyata keçirilməsində Hesablama Palatasının nəzarəti çox güclü olmalıdır. Digər tərəfdən, Azərbaycanda neft gəlirlərinin şəffaflığının təmin edilməsi, onların bölüşdürülməsi və istifadəsi Hesablama Palatası tərəfindən daim nəzarətdə olmalı, Hesablama Palatası bunu öz nəzarətində saxlamalıdır.
Hesabatdan göründüyü kimi, dövlət büdcəsindən kənar əlavə fondlardan istifadə çox pis haldadır. Buna, faktiki olaraq, nəzarət olunmur. Bu da həmin fondların müəyyən yollarla mənimsənilməsinə gətirib çıxarır. Hesablama Palatası bu məsələyə də ciddi diqqət yetirməlidir.
Konkret dövlət təşkilatlarında, iri vergi ödəyicilərində, mən deyərdim ki, çatışmazlıqlar həddindən artıq çoxdur. Bütün iri vergi ödəyicilərində, faktiki olaraq, qanun pozuntuları, özü də çox böyük qanun pozuntuları var, mənimsəmələr çoxdur. Hesablama Palatası iri vergi ödəyicilərində yoxlamalar aparıb müəyyən əyintiləri üzə çıxarmaqla işini bitmiş hesab etməməlidir. Bu işin ardınca gedib onun axırına çatmalı və dövlət büdcəsinə əlavə gəlirlərin daxil edilməsinə nail olmalıdır. 2006-cı il üçün Hesablama Palatasının rəyini nəzərə almaq olar. Amma bizim verdiyimiz təkliflər mütləq Hesablama Palatasının yeni sədrinin gələcək işində nəzərə alınmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, Hesablama Palatasının bu il üçün təqdim etdiyi hesabat əvvəlki illərlə müqayisədə daha təkmildir və orada qaldırılan məsələlər əvvəlki illərlə müqayisədə obrazlı şəkildə desək, daha dişlidir. Bu nöqteyi-nəzərdən Hesablama Palatasının təqdim etdiyi hesabatı məqbul hesab etmək olar. Amma eyni zamanda, Hesablama Palatasının fəaliyyət səmərəliliyinin artırılması istiqamətində bir sıra işlərin görülməsini də vacib hesab edirəm. Hesabat təhlil olunan zaman görünür ki, burada Hesablama Palatası insafən xeyli iş görüb, bir sıra vacib məqamları üzə çıxarıb. Amma məbləğlər kiçikdir. Yəni Azərbaycanda ali nəzarət orqanı kimi bir təşkilatın üzə çıxardığı rəqəmlər də onun çəkisinə uyğun olmalıdır. İstər büdcədən, istərsə də digər mənbələrdən səmərəsiz istifadə halları, hamıya məlumdur ki, çoxdur.
İkinci blok məsələni mən təkliflər kontekstində qeyd etmək istərdim. Gələn il Azərbaycanın neftdən gəlirləri 10 milyard dollara çatacaq. 2010-cu ildə artıq bu rəqəm 20 milyard olacaq. Bu, Azərbaycan kimi bir dövlət üçün həddindən artıq böyük bir rəqəmdir. Məlumdur ki, bunun bir hissəsi Neft Fondu vasitəsi ilə sosial xarakterli layihələrin reallaşmasına yönəldiləcək. Amma bir hissəsi də mütləq büdcə vasitəsi ilə xərclənəcək. Burada iki ciddi məqamı mən xüsusi qeyd etmək istəyirəm. Birinci, bizim kimi ölkələrin təcrübəsi göstərir ki, ciddi nəzarət mexanizmi olmayanda həmin vəsaitlərdən istifadənin səmərəliliyi aşağı olur və bu, zəncirvari reaksiya formasını alandan sonra artıq onun qarşısını almaq olmur. Hesablama Palatasında kifayət qədər professionallardan ibarət bir komanda formalaşdırılıb. O, büdcəyə daxil olan vəsaitdən səmərəli istifadə olunması istiqamətində yaxşı, etibarlı bir mexanizm qura bilər ki, həmin mexanizm vasitəsi ilə büdcə vəsaitlərindən səmərəli istifadəni təmin etmək olsun.
Azərbaycan büdcəsi artıq 2007-ci ildən başlayaraq cari xərclər büdcəsindən strateji büdcəyə çevrilir. Orada investisiya xərcləri getdikcə artmağa başlayır. Növbəti illərdə daha da artacaq. Yaxşı olar ki, Hesablama Palatasının rəylərinin birində məhz investisiya layihələrinin büdcə müzakirə olunan zaman Milli Məclisdə təqdim edilməsi məsələsi öz əksini tapsın. Bu məsələ 2007-ci ilin büdcəsi müzakirə olunan zaman da qalxmışdı. Həmin problemi aradan qaldırmaq üçün Hesablama Palatasının əsaslandırılmış bir variantdan istifadə etməsi məqsədəuyğundur.
Növbəti məsələ. Büdcədə neftin qiyməti bir barel üçün 50 dollar nəzərdə tutulub, real qiymətlər isə 60 dolları ötüb. Təbii ki, may ayında büdcəyə yenidən baxmaq lazım gələcək. Həm neftin qiymətinin qalxması, həm də yanvar ayında enerji daşıyıcılarının qiymətinin qalxması büdcəyə yenidən baxılmasını tələb edir. Hesablama Palatası məhz bu iki kontekstdə 2007-ci il büdcəsində daha səmərəli dəyişikliklərin edilməsi istiqamətində təkliflərini ortaya qoysaydı, ümumi işin xeyrinə olardı.
Beynəlxalq təşkilatlar bütün rəylərində birmənalı şəkildə Azərbaycanda inflyasiya lokomotivi rolunu Azərbaycan büdcəsinin oynadığı qənaətinə gəlib. Onları qınamaq olmaz. Onlar, əsasən, büdcə ətrafında fəaliyyət göstərir və ondan kənar amilləri nəzərə almırlar. Düzdür, büdcə vəsaiti son illər sürətlə artır, amma bu artım inflyasiya artımı yaratmır. Mən hesab edirəm, dərin təhlillər aparılsa, məlum olar ki, Azərbaycanda yüksək inflyasiyanın lokomotivi büdcə deyil. Hesablama Palatası Azərbaycanda inflyasiya lokomotivinin əsil mənbələrinin ortaya çıxarılması üçün yaxşı tədqiqatlar hazırlayıb ortaya qoya bilər.
Hesablama Palatasının apardığı tədqiqatlar əvvəlki illərlə müqayisədə irəliyə doğru bir addım olsa da, burada çatışmayan iki cəhət var. Birinci cəhət ondan ibarətdir ki, Hesablama Palatası hansısa informasiyanı ala bilmir, hansısa informasiyalar üzrə dəfələrlə müraciətlər olunur və sair. Bu problemi həll etmək üçün Milli Məclis Hesablama Palatasına kömək eləməlidir ki, təhlil zamanı onun aşkara çıxardığı çatışmazlıqları aradan qaldırmaqdan ötrü tədbirlər görmək mümkün olsun.
Hesablama Palatasının fəaliyyətində qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində işlərin sürətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də hesab edirəm ki, Maliyyə Nazirliyi və digər əlaqədar təşkilatlarla birgə Hesablama Palatası həm xərclər strategiyasının işlənib hazırlanmasında fəal iştirak eləməli, həm də maliyyə nəzarəti haqqında qanunun qəbulunun sürətləndirilməsinə öz təsirini göstərməlidir.
Vacib hesab elədiyim bir təklif də var. Bu ondan ibarətdir ki, son dövrlərdə bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində qanunvericilik sənədləri qəbul edilir. Ədliyyə Nazirliyinin bu sahədə təqdim elədiyi hesabatda da bu sahədə təkmilləşdiriləsi xeyli işlərin olması göstərilmişdir. Hesablama Palatası bu istiqamətdə bir sıra çatışmazlıqları qeyd eləyib. Amma bu, məsələnin az hissəsidir. Yerlərdə vəsaitlərdən səmərəli istifadəni təmin eləməkdən ötrü bu işin dərinləşdirilməsini vacib hesab edirəm. Ona görə də bütün istiqamətlərdə Hesablama Palatasının audit sahəsində fəaliyyətinin dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edər.
Azərbaycanın xarici borcları o qədər də çox deyil. Adambaşına böləndə başqa ölkələrlə müqayisədə az çıxır. Onun böyük əksəriyyəti, beşdə dörd hissəsi əlverişli şərtlərlə və əlverişli müddətə alınan borclardır. Amma elə borclar da var ki,biz həmin borcları bir sıra ölkələrin praktikasından istifadə edərək vaxtında qaytarsaq, faizlərin ödənilməsindən azad olarıq, beləliklə də əlimizdə əlavə gəlir olar. O qədər böyük rəqəm olmasa da, hər halda bu praktikadan istifadə etməklə biz faizlərdən azad ola və o vəsaitə qənaət edərik.
Qayıdıram çıxışımın əvvəlinə. Mən Namiq Nəsrullayevə can sağlığı, uzun ömür, gələcək fəaliyyətində uğurlar arzulayıram. Heydər Əsədovun professional kimi səviyyəsini bilirəm. Orada kifayət qədər yaxşı mütəxəssislər var. Hesablama Palatası mütəxəssis nöqteyi-nəzərdən də formalaşıb. Hesab edirəm ki, biz bu hesabatı nəzərə alıb, Hesablama Palatasına gələcəkdə daha mükəmməl, daha sanballı, daha səmərəli fəaliyyət arzulamalıyıq.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən birinci növbədə bu müzakirənin hər hansı hüquqi nəticəsini özüm üçün təhlil eləmək istəyirəm. İş ondadır ki, parlamentin səlahiyyətlərinin icrası bir neçə mexanizmlərlə həyata keçirilə bilər. Onlardan birincisi, ölkədə insan haqlarının vəziyyətinə dair ombudsman təsisatı ilə bu prosesə təsir eləməkdir. İkincisi, Hesablama Palatası ilə birgə hökumətin fəaliyyətinə nəzarəti həyata keçirməkdir, üçüncüsü, bələdiyyə orqanları və sair. Mən hesab edirəm ki, bu mənada bizim bəxtimiz bir az gətirməyib. Ombudsmanın hesabatını həmişə 8 Mart ərəfəsində qəbul elədiyimizdən bayram əhval-ruhiyyəsi bu hesabata təsir eləyir. Sonrakı günlərdə Nazirlər Kabinetinin hesabatı Novruz bayramına düşür, o əhval-ruhiyyə müzakirələrin ciddiliyinə təsir eləyir, nəhayət, Hesablama Palatasının fəaliyyətinin müzakirələri və onun hesabatının burada dinlənilməsi də Nazirlər Kabinetinin hesabatından sonra düşdüyündən hər hansı bir hüquqi nəticəsi, yükü olmur. Beləliklə də bizim burada müzakirələrimiz də bir sıra hallarda nəticəsiz qalır. Ona görə də mən hesab edirəm ki, birinci olaraq, biz müzakirələrimizin prosedurunu dəyişməliyik. O da ondan ibarət olmalıdır ki, Azərbaycanda parlamentin ölkədə gedən proseslərə təsirini daha da artırmaq üçün, hər bir deputatın hökumətin fəaliyyətinə təsirini reallaşdırmaq üçün Hesablama Palatasının bu hesabatını Nazirlər Kabinetinin hesabatından əvvələ və bəlkə də Nazirlər Kabinetinin hesabat gününə salmalıyıq. Ondan əvvəl olmalıdır ki, bunun hər hansı bir nəticəsi olsun. Yoxsa belə çıxır ki, burada irəli sürülmüş təkliflər bizim üçün, sadəcə, arxiv materialları kimi əhəmiyyətli olur, ondan başqa işə yaramır.
Hesab edirəm ki, Hesablama Palatası hökumətin fəaliyyətinə nəzarət baxımından yetərli fəaliyyətə malikdir və parlamentin cəmiyyətdə daha artıq nüfuz daşıyıcısı olması üçün də bu qurumun fəallığını artırmağa çox böyük ehtiyac var. Yetər biz bunu desək ki, Rusiya məkanında Sergey Stepaşinin adının, demək olar, hər bir sıravi vətəndaş tərəfindən tanınması bu qurumun nə qədər ciddi bir təsisat kimi formalaşdığını, hər bir hökumət strukturuna təsirinin ciddi olduğunu, bu maliyyə nəzarətinin, sözün həqiqi mənasında, vətəndaşların maraqlarına uyğun aparıldığını göstərən bir faktdır. Əslində, mənim aləmimdə parlamentin təsisatı kimi Hesablama Palatasının fəaliyyəti barədə “xalq nəzarəti” sözlərini işlətmək yerinə düşər. Bu ifadə sovet dövründəki assosiasiyasını doğurduğundan biz onu, sadəcə, işlətmirik. Amma mən düşünürəm ki, biz, sözün həqiqi mənasında, buradakı müzakirələri əhəmiyyətli, nəticəli eləmək üçün öz fəaliyyətimizdə müəyyən dəyişikliklər eləməliyik. Avropa Şurasını bəzən qınayırıq ki, onlar parlamentin Konstitusiya üzrə səlahiyyətlərini hakimiyyət budağı kimi yerinə yetirmədiyindən danışırlar. Bu mənada onlar haqlıdırlar. Söhbət ondan gedir ki, biz verilmiş geniş səlahiyyətləri özümüz reallaşdırmaqda maraqlı deyilik və müzakirələrə bu qədər az deputatın yazılması da mənə onu deyir. Biz, adətən, hansısa hökumət strukturunun fəaliyyətindən narazılığımızı ifadə edirik. Amma 2002-ci ildə, hörmətli Ziyafət müəllim, Siz də bilirsiniz ki, bizim Konstitusiyamızda edilmiş dəyişikliklər, yəni referendumla aparılmış bu islahatlar nəinki hökuməti bütöv tərkibdə, hətta hər hansı bir naziri ayrılıqda parlamentə dəvət etmək və Hesablama Palatası ilə birgə bu müzakirələri aparmağa imkan verərdi.
Mən birinci növbədə qeyd eləmək istəyirəm ki, hesabat həddindən artıq səthi hazırlanıb. O cümlədən əhatəli deyil və keçmiş hesabatlarla həddindən artıq yüklənib. 2005-ci ilin hesabatlarının bura daxil olması, bir sıra hallarda onların ardıcıllıqla düzülməsi bunu oxuyanda çox qarışıq fikirlər yaradır. Yəni ölkədə hökumətin bütövlükdə fəaliyyətini bu hesabatla qiymətləndirmək qeyri-mümkündür. Başqa tərəfdən, burada qeyd olunduğu kimi, Hesablama Palatası hər hansı bir təsisatın qapısını döyərək ora daxil ola bilməyibsə, bu onun çox ciddi günahıdır. Mən düşünürəm ki, bu mənada yeni rəhbərlik bunu nəzərə almalıdır. Söhbət ondan gedir ki, parlamentlə birgə indiyə qədər bu işləri görə bilərdik. İlk iki-üç ildə buna dözmək olardısa, amma artıq sonrakı illərdə Hesablama Palatasının acizlik göstərməsi, yalnız ayrı-ayrı məlumatları toplayıb bir hesabat şəklində bizə göndərməsi ilə işini bitmiş sayması düzgün deyildi. Mən bütün hallarda bunu Namiq Nəsrullayevə ünvanlamıram. Mən də hamı kimi bundan sonrakı həyatında ona uğurlar arzulayıram.
Mən Hesablama Palatasının gələcək fəaliyyəti ilə bağlı bir sıra təkliflərimi də qeyd eləmək istəyirəm. Bu auditin özünün həyata keçirilməsi forması məni razı salmır. Belə təəssürat yaranır ki, istənilən quruma göndərilmiş müraciətə həmin təsisat da adekvat cavablarını hazırlayıb verəcəkdir. Yəni bu, yoxlama, maliyyə təftişi işi sayıla bilməz. Bunun əsasında prosesin ümumi gedişatını yoxlamaq olmaz. Mən bu mənada ciddi dəyişikliyin olmasını istərdim.
İkincisi, məsələn, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı. Biz 2008-ci ildə yenidən bu qurumun oxşar hesabatını dinləyəcəyik. Mən onlara yaxşı material təqdim edirəm. Bunların hamısı hamının gözünə bəlkə də eyni dərəcədə görünür. Bilirsiniz ki, ölkə başçısı Tarif Şurasının qərarından sonra kənd təsərrüfatı sektorunda yaranmış vəziyyəti tənzimləmək və orada canlanma yaratmaq naminə 80 milyon manata yaxın subsidiyanın ayrılmasına qərar verdi. Bilirsiniz ki, hər hektara 26 manat ekvivalentində gübrə və ya onun maddi dəyərinin, habelə yanacaqla bağlı 40 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Beləliklə, 80 milyon manatın 40 milyon manatı yanacaq xərclərinə, təxminən 30 milyon manatı isə gübrələrin və digər bu cür maddələrin alınmasına yönəldilməlidir. Nə baş verir? Vətəndaşa deyilir ki, biz gəlib hansısa yerdə baxış keçirməliyik. Siz əgər, doğrudan da, kənd təsərrüfatı fəaliyyəti ilə məşğulsunuzsa, onda biz bu addımı ata bilərik. Bəlkə o, kənd təsərrüfatı işini kənara qoymaq istəyir. O vətəndaşın haqqıdır bu 26 manatı almaq. Bu xırda vəsaitə də göz dikmək, elə hesab edirəm ki, çox ciddi qüsurdur, səhvdir, eyni zamanda, bəlkə səhvdən də irəli hərəkətdir. Mən düşünürəm, Hesablama Palatası bu yolda indiki reallıqda elə addımlar atmalıdır ki, kənd təsərrüfatı sektorunda qərarlaşmış insanlarımızın həyatına bağlı bir addım olsun.
Bütövlükdə götürəndə mən nəzərə alıram ki, müəyyən tənqidlərimizi söyləmirik, həm də ona görə ki, rəhbərlikdə yeni dəyişiklik baş verib. Mən çox ümid edirəm ki, Heydər Əsədov bu sektorda zəngin təcrübə topladığından və burada maliyyə qeyri-şəffaflığının necə baş verdiyi, hesab-faktura sənədlərinin necə saxtalaşdırıldığı, xərclərin necə şişirdildiyi, xərclərin istifadəsində hansı qüsurların baş verdiyi ona kifayət qədər tanış olduğundan bu sahədə Hesablama Palatasının fəaliyyəti güclənəcək, bu qurum ölkədə tanınan, sayılan, hesablaşılan bir təsisata çevriləcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid eləyən varmı? Arif müəllim, təkid eləmirsiniz? Gülər xanım təkid elədi. Buyurun.
G. Əhmədova. Sağ olun. Mən də digər millət vəkilləri kimi çox böyük əminliklə inanmaq istəyirəm ki, Hesablama Palatasının işində ciddi dəyişikliklər baş verəcəkdir. Hesablama Palatasının rəyi ilə bağlı fikirlərimi deməmişdən öncə bir-iki məsələyə toxunmaq istəyirəm. Burada belə fikirlər səsləndi ki, guya Hesablama Palatasının tərkibində müxalifətin təqdim elədiyi auditorlar olarsa, o zaman Hesablama Palatasının işi daha güclü olar. Amma Azərbaycan Respublikamızın ən yeni tarixi sübut edir ki, əgər auditor, nazir və yaxud hökumətin başında duran hər hansı bir şəxs mənsub olduğu partiyadan asılı olmayaraq, doğrudan da, vicdanlı, normal və səviyyəli bir insandırsa, bu zaman həmin işlər rahat və düzgün gedir. Əgər o insanın görəcəyi işlər və şəxsi maraqlar ümummilli mənafedən qat-qat yüksəkdə durursa, burada onun hər hansı bir partiyaya mənsubluğu heç bir rol oynamır. Ona görə mən də qeyd etmək istəyirəm ki, bu gün bu məsələni qaldırmaq qətiyyən yerinə düşmür.
Hesabatla bağlı çox maraqlı bir neçə fikri xüsusilə qeyd eləmək istərdim. Hesabatın özü başdan-başa çox maraqlı bir sənəddir və hesabatı oxuyarkən insanı dalbadal təəccüb, təəssüf və bəzən təşviş dolu hisslər çulğalayır. Düşünürsən ki, biz ya Zahid Orucun dediyi kimi, bu hesabatları özümüz üçün oxuyuruq, özümüz üçün yazırıq, ikinci bir tərəfdən, hökumət, ümumiyyətlə, Azərbaycan parlamentinə verdiyi hesabatların böyük bir hissəsini ya yalandan verir, ya da ümumiyyətlə vermək istəmir. Məsələn, yazır ki, vergilərin aşağı səviyyədə yığılması iri vergi ödəyiciləri üçün ənənəvi xarakter daşıyır və burada vəziyyət daha pisdir, cəmi 52,8 faiz vergi ödənilmişdir. Bu vergi ödəyiciləri sırasında Dövlət Neft Şirkəti, Azərenerji, Azərikimya göstərilir. Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyi arasında olan məlumatlarda da uyğunsuzluqlar vardır. Ümumiyyətlə, hesabatı oxuyarkən belə qənaətə gəlmək olur ki, Hesablama Palatası ilə Vergilər Nazirliyi arasında hansısa soyuq müharibə gedir. Hesabatda hətta göstərilir ki, Hesablama Palatasının Vergilər Nazirliyində keçirmək istədiyi iki audit tədbirini həyata keçirmək mümkün olmamışdır. Sorğulara cavab verilməmişdir.
Bundan əlavə, hökumətin 2005-ci il üzrə hesabatına diqqətlə baxsanız, 2005-ci ildə Hesablama Palatası daşı daş üstünə qoymayıb. Büdcədənkənar və büdcə vəsaitləri hesabına maliyyələşdirmənin normativ sənədləri yoxdur. Müxalifətin və ya bitərəflərin sayılıb-seçilən deputatları qeyd elədilər ki, Hesablama Palatasında professionallar toplaşıb. Onda bu vəziyyət necə yaranıb? Mənə elə gəlir ki, bu halda Hesablama Palatası özünü ən yaxşı halda hər hansı bir qeyri-hökumət təşkilatı kimi aparır.
Sonra, büdcənin icrası haqqındakı məlumatlarda göstərilir ki, 2006-cı ilin ilk 4 ayında büdcənin gəlir və xərcləri arasında tarazlığın pozulmasının təhlükəsi müşahidə olunmur. Bir daha qeyd eləmək istəyirəm, bu, 2005-ci ilin hesabatının daşı daş üstünə qoymamasından sonra yazılır. Bu ona bənzəyir ki, Milli Məclisin deputatlarını güclü bir yağışın altına salıb iliklərinə qədər titrədirsiniz, sonra isə gedib gözəl bir çətir tapıb gətirirsiniz ki, buyurun, titrəməniz keçsin, bu çətiri başınıza tutun. Hesablama Palatasının hesabatını hazırlayan hörmətli professionallar, yağışa düşəndən sonra çətir kömək eləmir, buna ciddi müalicə lazımdır.
Daha sonra yazırsınız ki, büdcə prosesləri haqqında müstəqil və dolğun ekspertiza cari və ətraflı məlumat bazasının mövcudluğundan asılıdır. Təəssüf ki, Hesablama Palatasının məlumat bazası hələ formalaşmayıb. Niyə? Mən əminəm ki, bu “niyə”yə cavab olmayacaq. Ona görə özüm bu “niyə”nin cavabını vermək istəyirəm. Hesablama Palatası ilə bağlı bundan əvvəlki hesabatlarda mən bir neçə dəfə bu məsələni demişdim, o zaman fikirlərimi konkret faktlarla əsaslandırmışdım. Mən o faktları indi təkrar etmək istəmirəm, yalnız o məsələni demək istəyirəm ki, bir çox hallarda dövlət və Prezident tərəfindən tapşırılan işləri görmək əvəzinə, Hesablama Palatasına qətiyyən dəxli olmayan, lakin maraqları təmin eləyən digər hesablamalar aparılır. Bu səbəbdən.
Şübhəsiz ki, deyiləsi fikirlər çoxdur, amma mən bunu Hesablama Palatasının yeni seçilmiş sədri üçün, sadəcə olaraq, bir şparqalka kimi qeyd eləmək istəyirəm. Yeni seçilmiş sədrə uğurlar arzulayır və ümid edirəm ki, doğrudan da, bu zalda səslənən Stepaşinin familiyasından daha öncə bizim respublikanın Hesablama Palatasının sədri Heydər Əsədovun familiyası çəkiləcək. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, mən hesab edirəm ki, kifayət qədər çıxışlar oldu, fikirlər səsləndi. Amma fikirlər, əsasən, bu yöndə oldu ki, biz Hesablama Palatasının hesabatını nəzərə alaq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 87
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu. Heydər müəllim, Sizə yeni işinizdə uğurlar, müvəffəqiyyətlər, can sağlığı arzulayırıq! Sağ olun.
Hörmətli deputatlar, gündəliyin növbəti məsələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi ilə bağlıdır. Bilirsiniz ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 7-ci maddəsinə görə, Yayım Şurası müxtəlif təşkilatların, ictimai birliklərin təqdim etdiyi 9 nəfərdən ibarət tərkibdə 6-4 il müddətinə formalaşır. Bu dəfə biz üç ictimai təşkilatın, yəni idman federasiyalarının, yaradıcı təşkilatların və dini konfessiyaların təqdim etdiyi şəxsləri təsdiq etməliyik. Yəni qanuna uyğun olaraq Yayım Şurasının tərkibində müəyyən rotasiya getməlidir. Həmin təşkilatların iclaslarının protokolları artıq sizə paylanıb. Birincisi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə nümayəndələrin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası idman federasiyalarının və təşkilatlarının iclasının protokolu bizə daxil olub. Protokolda iki nəfərin namizədliyi irəli sürülür – Abıyev Ağacan Qulam oğlu, – tanıyırsınız, bizim deputat həmkarımızdır, – ikinci, Mehdiyev Qabil Samir oğlu. O da idman ictimaiyyətinin nümayəndəsidir. Deməli, səsvermənin qaydası belədir. İki nəfər namizəd verilib. Birinci şəxs əgər 63-dən çox səs toplayırsa, onda ikinci şəxsi səsə qoymağa ehtiyac yoxdur. Yox, əgər əksinə olacaqsa, onda ikinci şəxsi biz səsə qoyacağıq. Protokolda verilmiş ardıcıllıqla gedirəm. Birinci Ağacan Abıyevin namizədliyini səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu. Hesab edirəm ki, bu səsvermədən sonra ikinci namizədin səsə qoyulmasına ehtiyac yoxdur. Qafqaz Müsəlmanları İdarəsi, Bakı Xəzəryanı Yeparxiyası və Bakı dağ yəhudiləri icması birgə iclasının protokolundan çıxarışlar bizə təqdim olunubdur. İki nəfər namizəd irəli sürülüb – Salman Musa oğlu Musayev və Azərbaycan dağ yəhudiləri icmasının üzvü Şalmeyev Semyon Qriqoryeviç. Protokolda müəyyən olunmuş ardıcıllıqla Hacı Salman oğlu Musayevin namizədliyini səsə qoyuram. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin protokolundan çıxarışlar daxil olub. İki nəfər namizəd irəli sürülüb. Birincisi Altay Zahidov, ikincisi Cəmil Quliyev. Altay Zahidovun namizədliyini səsə qoyuram. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən zala müraciət etdim, dedilər, tanıyırıq, mən də ehtiyac görmədim. Mən seçilmiş hər iki şəxsi təbrik edirəm! Fəaliyyətinizdə uğurlar arzulayıram! Sağ olun. Gedə bilərsiniz.
Hörmətli deputatlar, Məclisin işini davam etdiririk. Gündəliyin 5-ci məsələsi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə. Bu, cənab Prezidentdən daxil olunmuş qanun layihəsidir. Bu layihə ilə əlaqədar bir sıra komissiyaların iclasları olubdur. Məsələ bizim komissiyada da müzakirə olunub. İcazənizlə mən onu sizə məruzə edərdim.
Söhbət “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndinin yeni redaksiyada verilməsindən gedir. Bu, redaktə xarakterli bir məsələdir. Hörmətli deputat həmkarlarım, mən həmin redaksiyanı sizin nəzərinizə çatdırmaq istəyirəm: “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda əmlakın qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısını alır”. Yəni hal-hazırda “Sərhəd qoşunları haqqında” Qanunun 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində buna oxşar bir mətn vardır. Sadəcə olaraq, biz son vaxtlar “Sərhəd qoşunları haqqında” Qanunla eyni zamanda hərbi qanunvericilik aktlarında da çoxlu dəyişikliklər etmişik. İndi isə biz 4-cü maddənin bu bəndini həmin dəyişikliklərə uyğunlaşdırırıq. Yəni bu dəyişmə redaktə xarakteri daşıyır. Ona görə də hesab edirəm ki, bunu qəbul etmək olar.
Mən artıq dedim ki, cənab Prezidentdən daxil olmuş bu qanunvericilik aktının layihəsi geniş məsələləri əks etdirdiyinə görə layihəyə bir sıra komissiyalarda baxılıb. Vaxtımız az qalıb. Gəlin komissiya sədrlərini dinləyək, sonra səsə qoyaq. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayev. Buyurun.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu qanun layihəsi barəsində hörmətli Ziyafət müəllim ətraflı çıxış etdi və artıq heç bir qaranlıq yer qalmadı. Burada mən, sadəcə, bir məsələ üzərində dayanmaq istəyirəm. Əhəmiyyətli dəyişikliklərdən biri də Mülki-Prosessual Məcəlləyə aiddir. Burada göstərilir ki, şəxsin narkoloji tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat mütləq qanunla tənzimlənməlidir. Hesab edirəm ki, bu təklif əhəmiyyətli xarakter daşıyır və ümumilikdə qəbul edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hadi müəllim, buyurun. Bu məsələ Sizin komissiyada da müzakirə olunub.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, bu qanunun tətbiqi ilə əlaqədar dəyişikliklər və əlavələr bizim komissiyamızdan keçmiş 8 qanunda öz əksini tapıbdır. Bunlar əsasən “Əczaçılıq haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” qanunlar, Əmək Məcəlləsi və narkotiklərlə bağlı daha bir neçə qanundur. Bütövlükdə bütün dəyişikliklər həm redaktə xarakteri daşıyır, həm də əhalinin sağlamlığının qorunması, mənəvi saflığın təmin olunması baxımından çox mütərəqqi addımlardır. Bizim komissiyanın üzvləri buna müsbət səs veriblər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Rəbiyyət xanım Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu qanun layihəsi İnsan hüquqları daimi komissiyasında da müzakirə olunmuşdur. Bizim komissiyada “Uşaq hüquqları haqqında” Qanuna və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr müzakirə edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 9-cu maddəsinin ikinci hissəsində “narkotik vasitələrin və preparatların” sözləri çıxarılıb və “işlərində” sözündən sonra “həmçinin narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə edilib.
Mən bir az Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə edilən dəyişiklik üzərində dayanmaq istəyirəm. Vaxtilə biz “Narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu qəbul edərkən şəxsin narkoloji tibb müəssisələrinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat məsələsinə baxdıq və o zaman bu qanun qəbul edilərkən narkomanların məcburi müalicəsi məsələsi insan hüquqlarının pozulması kimi qiymətləndirildi. Ancaq bu dəfə Mülki-Prosessual Məcəlləyə şəxsin narkoloji tibb müəssisələrinə məcburi yerləşdirilməsi haqqında fəslin əlavə edilməsi, hesab edirəm ki, olduqca vacib, aktual məsələdir və bu gün narkomanlığa qarşı mübarizədə bunun çox böyük əhəmiyyəti olacaq. Bundan başqa bir sözüm yoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Rəbiyyət xanım. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu qanun layihəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə redaktə xarakterli bəzi dəyişikliklərin edilməsini nəzərdə tutur. Komissiyada bu məsələ müzakirə edilib. Mən və komissiyadakı deputat həmkarlarım sizdən bu qanun layihəsini dəstəkləməyi xahiş edirik.
Sədrlik edən. Təşəkkür edirəm. Aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Quliyev.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təqdim edilən qanun layihəsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur. Dəyişikliklərin əsas səbəbi budur ki, qanunda insanın sağlamlığı üçün təhlükə yaradan materiallar kimi yalnız narkotik maddələr göstərilmişdir. Belə ki, qanunun 7-ci maddəsində qeyd olunur ki, tərkibində narkotik maddələr olan yeyinti məhsullarının və bioloji aktiv əlavələrin dövlət gigiyena qeydiyyatına alınmasına yol verilmir. Qanunun 9-cu maddəsində isə göstərilir ki, yeyinti məhsullarının istehsalında tərkibində narkotik maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsi qadağandır. Göründüyü kimi, bu qanunda söhbət yalnız narkotik maddələrdən gedir. “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi” haqqında Qanunda isə dövriyyəsi məhdudlaşdırılan və insan sağlamlığı üçün təhlükə yaradan materiallar kimi narkotik vasitələr, yəni narkotik vasitəli bitkilər, xammallar, digər təbii və süni vasitələr göstərilmişdir. Bu da boşluqların mövcud olmasını göstərir.
Nəzərdə tutulan dəyişikliklər həmin boşluqların aradan qaldırılmasına yönəldilmişdir. Bununla əlaqədar, təqdim edilmiş layihədə “Yeyinti məhsulları haqqında” Qanunun 7-ci və 9-cu maddələrinin 5-ci hissəsinə “narkotik” sözlərindən sonra “vasitələr və psixotrop” sözlərinin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, qanun layihəsinin qəbul edilməsi qanunçuluq bazasının təkmilləşdirilməsi və mövcud qanunların bir-birinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məsələyə Aqrar siyasət daimi komissiyasında baxılmış və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Həmkarlarımdan bu layihəyə səs verməyi xahiş edərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Haqqında söhbət gedən qanunun qəbulu ilə əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında” Qanunun 35- ci maddəsinin 10-cu hissəsinə əlavə olunur. Burada nəzərdə tutulurdu ki, televiziya və radio ilə narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının və saat 7.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına yol verilmir. Bu maddəyə “narkotik vasitələrin” sözlərindən sonra “psixotrop maddələrin” sözləri əlavə olunur. Məsələyə komissiyada baxılmış və bəyənilmişdir.
Sədrlik edən. Təşəkkür edirəm, Nizami müəllim. Çıxış etmək istəyənlər var. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Şübhəsiz ki, bu gün təklif olunan dəyişikliklər və əlavələr vacibdir. Ona görə ki, müzakirə edilən məsələnin özü bu gün Azərbaycan üçün son dərəcə ciddi məsələdir. Ziyafət müəllim, mən bir faktı qeyd eləmək istəyirəm. Mənim seçildiyim ərazidə islah əmək koloniyası yerləşir. Biz orada vəziyyəti öyrəndik. Bu gün həmin islah əmək koloniyasında saxlanılanların əksəriyyəti narkotik vasitələrin daşınması, satılması, istifadə edilməsi və digər bu kimi ittihamlarla saxlanılır. Ümumiyyətlə, bu gün respublikamızın islah əmək koloniyalarında, həbsxanalarında saxlanılanların 35 faizi narkotik ilə bağlı olan adamlardır. Ona görə də bu dəyişikliklər hamısı yaxşıdır.
Amma bir sıra məsələlər var ki, onlar da dəyişdirilsə idi, yaxşı olardı. Son bir neçə ildə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşların ya cibinə, ya maşınına narkotik maddələr atılması, deyərdim ki, adi hala çevrilibdir. Mən konkret misal demək istəyirəm. “Azadlıq” qəzetinin yazarı Sakit Zahidovu ekspertizaya apardılar, dispanser rəy verdi ki, bunun qanında narkotik yoxdur. Onun tərəfindən narkotik vasitələrdən istifadə edilməsi, bunların alınıb-satılması da sübut edilmədi. Hətta polis məhkəmənin qabağına yığışan adamlara çıxıb dedi ki, belə mən atmışam bunu onun cibinə, əcəb eləmişəm. Elə bir vəziyyət yaranıbdır. Ona görə də hüquq mühafizə orqanları ilə bağlı qanunlara da bu istiqamətdə dəyişikliklər edilməlidir. Vətəndaşların evinə, cibinə, maşınına atılan narkotik maddələrin hamısı bir yerə toplansa, kim isə bundan bir narkobarona çevrilə bilər. Xahiş edirəm, dəyişikliklərdə bunlar da nəzərə alınsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Cəmil müəllim, hansı qanunlara dəyişikliklər edilməsini zəruri hesab edirsinizsə, buyurun, yazın. Biz onlara baxa bilərik.
Hörmətli deputat həmkarlarım, hörmətli deputat həmkarımız İmamverdi İsmayılovdan bir təklif daxil olub. Deputatımız təklif edir ki, saat 3-ə qədər tənəffüssüz işləyək və iş gününü başa çatdıraq. Nə deyirsiniz? Etiraz yoxdur. Onda biz iclasımızı davam etdiririk.
Bu qanun layihəsi ilə əlaqədar çıxış etmək istəyən varmı? Xahiş edirəm, bu qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında”. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini Elton Məmmədov.
E. Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Mən bu qanun layihəsini çox lakonik surətdə diqqətinizə çatdıracağam. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təklif olunan bu qanun layihəsində üç məsələ Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının səlahiyyətlərinə aiddir. Bunlar Su Məcəlləsinə, Meşə Məcəlləsinə və “Su təchizatı və tullantı suları haqqında” Qanuna əlavə və dəyişikliklərdir. Komissiya 29 martda bu məsələni müzakirə edib. Komissiyanın qərarı ondan ibarətdir ki, layihə Milli Məclisin iclasına tövsiyə edilsin. Komissiyamız o fikirdədir ki, təklif olunan dəyişikliklər qüvvədə olan qanunlarımızın bir-biri ilə uzlaşmasına və ümumilikdə təkmilləşməsinə xidmət edəcəkdir. Ona görə hörmətli həmkarlarımdan müzakirəsi gedən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Ziyad Səmədzadə, bu məsələ sizin komissiyada da müzakirə olunub. Buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsi bizim komissiyada da müzakirə olunmuşdur. Bizim komissiya öz sahəsi ilə əlaqədar “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İpoteka haqqında” qanunlara edilən düzəlişləri müzakirə etmişdir. Hörmətli Elton müəllimin dediyi kimi, burada həmin düzəlişlərin müvafiq qanunlarda öz əksini tapması tövsiyə olunur. Yəni “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinin beşinci abzası aşağıdakı redaksiyada verilir: “mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alındıqda;”. “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsində isə “dövlət və ya bələdiyyə ehtiyacları üçün satınalma” sözləri “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirmə” sözləri ilə əvəz edilir.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, məsələ sizin də komissiyada müzakirə olunub. Buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Su Məcəlləsi ilə əlaqədar məsələ bizim komissiyada da müzakirə olunub. Su Məcəlləsinin 37-ci maddəsinin ikinci hissəsində “digər dövlət və bələdiyyə ehtiyacları” sözləri “digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar” sözləri ilə əvəz olunur. Komissiya hesab edir ki, bu dəyişiklik tamamilə məqsədəmüvafiqdir. Ona görə deputatlardan xahiş edirəm, səs versinlər.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu məsələ Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında da müzakirə olunmuşdur. Bu dəyişikliklər müəyyən qanunvericilikdə “bələdiyyə ehtiyacları” anlayışının “ictimai ehtiyaclar” anlayışı ilə əvəz olunması ilə bağlıdır. “İctimai ehtiyaclar” bir qədər geniş məfhumdur və göstərilən normaların müddəalarını tam əks etdirir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı 12 may tarixli Qanunu qüvvədən düşmüş hesab edilir. Bu sənəd öz əhəmiyyətini itirib. Ona görə də müvafiq dəyişikliklər məntiqə uyğundur. Hesab edirəm ki, ümumilikdə bu dəyişiklikləri qəbul etmək lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, bu qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsində “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklərin aparılması nəzərdə tutulur. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsindən “öz riski ilə” sözləri çıxarılır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, bilirsiniz ki, 1995-ci ildə qəbul edilmişdi. 12 il xeyli müddətdir və bu müddət ərzində Azərbaycan cəmiyyətində bir çox dəyişikliklər baş vermişdir. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir. Bu Dövlət Xidməti istehlakçıların hüquqlarının dövlət tərəfindən qorunmasını təmin edən və bu sahədə dövlət siyasətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Amma müvafiq qanunda istehlakçıların dövlət tərəfindən qorunması mexanizmi göstərilmədiyindən Dövlət Xidməti ona həvalə edilmiş vəzifələrin icrasında müəyyən çətinliklərlə qarşılaşır. Bunlar nəzərə alınaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, 11-ci və 18-ci maddələrinə müəyyən əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bu əlavə və dəyişikliklər komissiyada müzakirə olunarkən qanunun 18-ci və 19-cu maddələrinə bir sıra dəyişikliklərin edilməsi, “İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti” bölməsinə bir neçə fikirlərin əlavə edilməsi, eyni zamanda, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ilə əlaqədar maddələrdə müəyyən dəyişikliklərin edilməsi təklif olunmuşdur.
Sədrlik edən. Siz qurtardınız? Elton müəllim, buyurun.
E. Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Müzakirəmizə təqdim olunan qanun layihəsində 14 qanundan ikisi də bizim komissiyanın səlahiyyətlərinə aiddir. Komissiyamızda hər iki məsələ, yəni “Yerin təki haqqında” Qanuna və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanuna əlavə və dəyişikliklər müzakirə edilib və Milli Məclisin geniş iclasına tövsiyə olunub. Biz sizdən həmin dəyişikliklərə səs vermənizi xahiş edirik.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, buyurun.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım! Biz də bu sahədə “Torpaq icarəsi haqqında” Qanuna və Torpaq Məcəlləsinə edilən dəyişiklikləri müzakirə etmişik.
“Torpaq icarəsi haqqında” Qanunun 11-ci maddəsində torpaq icarəsi müqaviləsindən bəhs edilir. O maddədən “fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri” sözləri çıxarılır.
Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci bəndində “icarəyə verənin icazəsi ilə” sözləri “mülkiyyətçi olan icarəyə verənin razılığı ilə” sözləri ilə əvəz olunur.
Maddə 73-də isə birinci bəndin on ikinci abzası aşağıdakı redaksiyada verilir: “torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə”.
“Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri” adlı 88-ci maddədə 3-cü bəndin aşağıdakı redaksiyada yazılması təklif olunur: “Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”.
İkinci və üçüncü abzasların qüvvədə olan redaksiyası ixtisar edilərək aşağıdakı şəkildə saxlanılır: “Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir”.
Maddə 111 barədə təklif olunur ki, özbaşına tutulmuş, zəbt edilmiş torpaqların qaytarılması ilə bağlı 3-cü bənd ixtisar edilsin və burada yalnız “Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir” cümləsi saxlanılsın. Komissiya hesab edir ki, bu dəyişikliklər tamamilə qanunauyğundur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Bu layihə bizdə də müzakirə olunub. Bizim sahə üzrə Əmək Məcəlləsinə, bir də “Həmkarlar ittifaqları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər insanların vəziyyətini yaxşılaşdırdığından komissiya buna müsbət rəy verib.
Sədrlik edən. Rövşən müəllim, buyurun.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hüquq siyasəti daimi komissiyasında da bu məsələ ilə bağlı müzakirələr olub. Qanun layihəsinin bizə aid olan hissəsində sosial təminatla bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr təklif olunur. Bu sahədə sosial təminat bilavasitə Nazirlər Kabinetinin üzərinə düşsə də, sosial təminatın məbləği və güzəştləri Prezident fərmanı ilə müəyyən edilir. Bu baxımdan hərbçilərin pul təminatı və maddi təminat hüququnun Prezident tərəfindən müəyyən edilməsi məntiqlidir. Hesab edirəm ki, bu dəyişiklikləri qəbul eləmək lazımdır.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Nə təkliflər olacaq? Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Gündəliyin növbəti məsələsi – Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə çox cüzi dəyişiklik nəzərdə tutulur, “həmkarlar ittifaqları təşkilatlarının” sözlərinin “həmkarlar ittifaqları birliklərinin” sözləri ilə əvəz olunması təklif olunur. Bu məsələ də bizim komissiyada müzakirə olunub. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu əlavə və dəyişikliklər “həmkarlar ittifaqları təşkilatları” anlayışının “həmkarlar ittifaqları birlikləri” anlayışı ilə əvəz edilməsi ilə bağlıdır. Bu dəyişiklik mövcud qanunvericilikdən irəli gəlir.
Əmək Məcəlləsinə dəyişikliklərdə müəssisə anlayışına xarici hüquqi şəxslərin filialları da daxil edilir. Bu dəyişiklik xarici hüquqi şəxslərin Azərbaycanda Əmək Məcəlləsinə müvafiq olaraq müəssisə statusu əldə etməsini nəzərdə tutur. Hesab edirəm, həmin dəyişikliklər hüquqi texnika baxımından əhəmiyyətli xarakter daşıyır və onlar qəbul olunmalıdır.
Sədrlik edən. Sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Rövşən müəllim məlumat verdiyi kimi, burada əsasən iki qanuna – Əmək Məcəlləsinə və “Həmkarlar ittifaqları haqqında” Qanuna əlavə və dəyişikliklərdən söhbət gedir. Həm texniki baxımdan, həm də əhalinin mənafeyini yaxşılaşdırmaq baxımından hər iki qanuna edilən dəyişikliklər müsbət qiymətləndirilməlidir. Mən hesab edirəm, ona səs vermək olar.
Sədrlik edən. Nə kimi təkliflər olacaq? Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Gündəliyin 9-cu məsələsi – Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında. Bu qanun layihəsi də bir neçə komissiyada, o cümlədən Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında müzakirə olunub. İcazənizlə bu barədə mən məlumat verim.
“Hərbi qulluqçuların statusu haqqında” Qanuna dəyişikliklər edilməsi təklif olunur. 10-cu maddənin 3-cü bəndi, yəni “Ailəsində adambaşına gəliri Azərbaycan Respublikasında müəyyən edilmiş dolanacaq minimumundan aşağı olan hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və məbləğdə pul müavinəti ödənilir” müddəası buradan çıxarılır. Məlumat üçün bildirim ki, keçən il cənab Prezidentin hərbi qulluqçuların maddi-sosial vəziyyəti ilə bağlı iki çox böyük həcmli fərmanı olub. O fərmanlar hərbi qulluqçuların maaşlarının artırılmasını, mənzil şəraitlərinin yaxşılaşdırılmasını, onlara digər əlavə müavinətlərin verilməsini nəzərdə tutur. Həmin fərmanlara əsasən müvafiq qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilib. Ona görə bu 3-cü bəndin burada saxlanılması artıq mənasını itirir.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 3-cü bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə” sözləri ilə əvəz olunur. Hesab edirəm ki, bu da bizim Konstitusiyaya tamamilə uyğundur.
Qanun layihəsi digər komissiyalarda da müzakirə olunub. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Bizim komissiyada bu qanun layihəsi ilə əlaqədar dörd qanuna dəyişikliklər müzakirə edilib. Bunlar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunlara edilən dəyişikliklərdir. Burada nədən söhbət gedir? Sosial müavinətlərlə sosial sığortanı ayırmışıq. Birincisi, onunla bağlı dəyişikliklər və o əlavələrdir. İkincisi, möhtərəm Prezidentimizin ilin əvvəlində verdiyi bir sıra sərəncamlarla əhalinin bəzi təbəqələrinə edilən güzəştlər və müavinətlərin artırılması ilə bağlı olan təkliflərdir. Bunlar hamısı bütövlükdə əhalinin sosial müdafiəsini gücləndirən addımlardır. Hesab edirəm ki, buna səs vermək olar.
Sədrlik edən. Sağ olun. Rövşən müəllim, buyurun.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hüquq siyasəti daimi komissiyasında da bu məsələ ilə bağlı müzakirələr aparılmışdır. Bu dəyişikliklər və əlavələr əmlak və qeyri-əmlak münasibətlərində mülkiyyətin dövriyyəsi ilə bağlıdır. Artıq adları çəkilən normativ aktlara şəxsi mülkiyyətin təminatı ilə bağlı müvafiq dəyişikliklər və əlavələr edilməsi təklif olunur. Hesab edirəm, bu dəyişikliklər və əlavələr hüquqi texnika baxımından əhəmiyyətli xarakter daşıyır və onlar qəbul oluna bilər.
Sədrlik edən. Sağ olun. Çıxışlar olacaqmı? Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsi – “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım Aslanova.
R. Aslanova. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə qanun layihəsində olan müddəalar zəruriyyətdən irəli gəlir. Çünki bu Əsasnamə 2002-ci il dekabrın 27-də qəbul edilmişdir və burada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan tranzit keçidi ilə əlaqədar bütün müddəalar öz əksini tapmışdır. Əsasnamə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” və “Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarına əsaslanır.
Bu qanunda bizim ölkənin ərazisindən tranzit keçid üçün vacib olan məqamlar əksini tapıb. Ancaq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hansı səbəblərdən dövlət sərhədindən buraxılmaması barədə müddəa burada öz əksini tapmamışdır. Düzdür, Əsasnamənin 10-cu maddəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olmasına və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Ancaq onların bu nəzarəti nəyə əsasən keçirdiyi barədə müddəa olmadığına görə 7-ci maddəyə 7.1 və 7.2-ci bəndlər artırılmışdır. 7.1-ci bənddə deyilir ki, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olduqda Azərbaycan Respublikasının dövlət sərhədlərindən buraxılmaya bilərlər.
7.2-ci bənddə deyilir: “Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır”. Hesab edirəm ki, bu iki müddəanın əlavə edilməsi vacib şərtdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Rövşən müəllim, əlavəniz varmı? Buyurun.
R. Rzayev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası da bu məsələ ilə bağlı müzakirələr keçirmişdir. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”yə əlavələr edilməsi dövlət sərhədindən keçmək prosedurları ilə bağlıdır. Bu şəxslərin sərhədboyu zonalarda dayanmasının qadağan olunması milli təhlükəsizlik məsələləri ilə bağlıdır. Əcnəbilərin dövlət sərhədindən keçmək qaydaları digər qanunvericilik aktları ilə tənzimlənsə də, Əsasnamədə bu müddəaların olması Dövlət Sərhədi Xidmətinin öz funksional vəzifələrini yerinə yetirməsi üçün əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu dəyişikliklər qəbul edilməlidir.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış etmək istəyən varmı? Aydın müəllim, buyurun.
A. Həsənov. Keçən səfər də, Ziyafət müəllim, bu məsələni qaldırmışdıq. Cəlilabadda 15 nəfərədək İran vətəndaşı var. Bunların heç bir sənədi yoxdur, amma evləniblər, bir 15 ildir ki, uşaqları da var. Bunların nə kəbinini kəsirlər, nə metrika verirlər, nə bir sənəd verirlər. Xahiş edirəm, bu barədə Rəbiyyət xanım bir açıqlama gətirsin. Biz hansı qanunu qəbul edək ki, bunların əlində sənəd olsun . Sabah deyək ki, bunun İranda atası ölüb, hüzrə gedir. Bunlara bir dənə də sənəd vermirlər. Biri deyir, səfirliyə get, biri deyir, icra başçısının yanına get. İcra başçısı prokurorun yanına göndərir. Bu camaat girinc olur. Tək bizim rayonda deyil, bir çox rayonlarda belə adamlar var. İndiyə qədər bunların heç bir qeydiyyatı yoxdur. Uşaqlarına da metrika verilmir. Bunların gələcəyi nə olacaq? Biz bu barədə bir qanun qəbul eləsək, yaxşı olar. Çox sağ olun.
Sədrlik edən. Aydın müəllim, mən hesab edirəm ki, bununla əlaqədar kifayət qədər normativ sənədlər var. Sadəcə, bu konkret bir faktdır. İndi yəqin ki, Məclisdən sonra söhbət edə bilərik.
R. Aslanova. (Eşidilmir.)
Sədrlik edən. Rəbiyyət xanım, buyurun.
R. Aslanova. Həmin məsələni cavablandırmaq istəyərdim. Biz bu yaxınlarda qayıdış şəhadətnaməsi haqqında sənəd qəbul etdik. Orada yazılmışdır ki, Azərbaycanda yaşayan vətəndaşlığı olmayan şəxslərə, yəni 20 minə qədər şəxsin hər birinə xüsusi şəxsiyyət vəsiqəsi verilir. Onlar hətta xaricə gedib qayıtdıqdan sonra onlara qayıdış şəhadətnaməsi verilir. Yəni bu qanun qüvvəyə mindikdən sonra həmin şəxsin xaricə gedib yenidən qayıtmağa haqqı var. Bu məsələyə baxılıb. Onlara metrika verilməməsi məsələsinə gəlincə, mən hesab edirəm ki, belə bir şey ola bilməz. Çünki Azərbaycan Respublikasında doğulmuş hər bir uşağa metrika verilir. Mən inanmıram ki, kim isə bizdə belə bir bürokratik əngəllə rastlaşmış olsun.
Sədrlik edən. Aydın müəllim, o məsələni biz müzakirə edərik. Sonra, çıxış eləmək istəyən varmı? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
11-ci məsələ. Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev. Buyurun.
R. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi hamıya paylanmışdır. Burada bir sıra dəyişikliklər və əlavələr edilir. Mən çıxışımı bitirəndən sonra əgər hörmətli millət vəkillərinin sualları olarsa, onları böyük məmnuniyyətlə cavablandıraram. Məhkəmə islahatları blokuna aid olan bu qanun layihəsinin təşəbbüskarı respublikamızın prezidentidir. Cənab Prezident məhkəmələrdə işin təşkili qaydalarında və mülki prosesdə bəzi dəyişiklik və əlavələrin edilməsini təklif edir. Məsələn, hakimin köməkçisi vəzifəsinin təsis edilməsi hakimin daha zəngin məlumat əldə etməsi, bu məlumatın təhlil olunması, sənədlərin tərtib edilməsi və bütövlükdə kargüzarlıq işinin aparılmasının asanlaşdırılmasına xidmət edir. Bundan əlavə, hakimə qarşı etirazın mütləq əsaslandırılması tələbinin qanunvericiliyə daxil edilməsi təklif olunur. Hakimlərə əsassız etirazlara baxmamaq səlahiyyətinin verilməsi işin icraatının sürətləndirilməsinə xidmət edəcək.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, icraatın sürəti onun keyfiyyətinə xələl gətirməməlidir. Bu balansı saxlamaq üçün apellyasiya məhkəmələrində işin baxılma müddətinin 2 aydan 3 ayadək artırılması təklif olunur. Sürət tələskənlik demək deyil. Ona görə də işin faktiki tərkibinin müəyyən edilməsi və hüquqi təhlilin aparılması obyektiv və hərtərəfli olması üçün hakimlərin ixtiyarında lazımi müddət olmalıdır. Təcrübə göstərir ki, hazırda qüvvədə olan müddətlərə riayət etməli olan hakimlər çox vaxt işə tələb olunan keyfiyyətlə baxa bilmir və tələsik qərarlar qəbul etməli olurlar.
Daha bir dəyişikliklər bloku qanunvericilikdə mövcud olan ziddiyyətlərin aradan qaldırılmasına yönəlib. Belə ki, hazırda qüvvədə olan Mülki-Prosessual Məcəllədə ekspertin ekspertizadan imtina etməyinə görə cinayət məsuliyyəti daşıması təsbit edilib. Cinayət məsuliyyəti yalnız cinayət qanunvericiliyinə əsasən müəyyən edilir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə ekspertin ekspertizadan imtina etdiyinə görə məsuliyyət nəzərdə tutulmayıb. Bu baxımdan təklif olunur ki, Mülki-Prosessual Məcəllədən müvafiq müddəa çıxarılsın.
Daha sonra, birinci instansiya hakimləri tərəfindən prosessual normalar kobud surətdə pozulduqda apellyasiya məhkəmələrinə həmin hakimlər barəsində xüsusi qərardad qəbul etmək və onu Məhkəmə Şurasına təqdim etmək səlahiyyətinin verilməsi təklif olunur. Bu düzəliş birinci instansiya hakimlərini prosessual normaları tətbiq edərkən daha məsuliyyətli olmağa vadar edəcək.
Digər bir dəyişiklik apellyasiya və kassasiya məhkəmələrinə aşağı instansiya məhkəmələrinin qərardadını ləğv edərək məsələni həll etmək səlahiyyəti verir. Hazırda qüvvədə olan qanunvericiliyə görə qərardad ləğv edildikdə yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə verilməlidir. Təklif olunan layihə isə prosesi bir qədər də sürətləndirir. Əlbəttə, yuxarı instansiya məhkəmələrinə belə səlahiyyətlərin verilməsi bəzi süründürməçiliklərin aradan qaldırılmasına imkan yaradacaq.
Mülki-Prosessual Məcəllədə kassasiya mərhələsində işin aparılma proseduru göstərilməmişdi. Təklif olunur ki, Mülki-Prosessual Məcəlləyə yeni 415-1, 421.1 və 421-2-ci maddələr əlavə edilsin.
Bu dəyişikliklər və əlavələr, hesab edirəm ki, məcəllədəki boşluqların aradan qaldırılmasına, məhkəmə prosesində nizam-intizamın möhkəmləndirilməsinə və məsələnin təkmilləşdirilməsinə xidmət edəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nə təklif var? Təklif yoxdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ – “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq “Valyuta tənzimi haqqında”, “Yanğından icbari sığorta haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu dəyişiklik və əlavələr redaktə xarakterlidir. Yəni “zinət əşyaları, qiymətli daşlar” sözləri “qiymətli metallar, qiymətli daşlar və onlardan hazırlanmış məmulatlar” sözləri ilə əvəz edilir.
“Valyuta tənzimi haqqında” Qanunda isə təklif edilir ki, 8-ci maddədə 3-cü bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin: “Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatların aparılması ilə bağlı münasibətlər “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. 1.2 və 2.4-cü maddələrin hərəsindən bir abzasın çıxarılması təklif olunur. İqtisadi siyasət daimi komissiyasında bu məsələ müzakirə olunarkən bildirilmişdir ki, qanun, həqiqətən, çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, gələcəkdə bu qanunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq işçi qrupu yaradılır. Buna da səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Rövşən müəllim, bu qanun layihəsi sizin komissiyanızda da müzakirə olunub. Buyurun.
R. Rzayev. Təşəkkür edirəm. Bizim komissiyamızda da bu məsələ ilə bağlı müzakirələr getmişdir. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı dəyişikliklər və əlavələr ümumilikdə mühafizə xarakteri daşıyırlar. Cinayət Məcəlləsinə təklif edilən maddələr qiymətli metalların və qiymətli daşların qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədini güdür. Məsələn, 213-3-cü maddə ilə dövlət əyar damğasının saxtalaşdırılmasının qarşısı alınır.
İnzibati Xətalar Məcəlləsinə də müəyyən əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Məsələn, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı ilə bağlı dəyişikliklər hüquqi, nəzəri cəhətdən əhəmiyyətli xarakter daşıyır. Təklif edirəm, bunu qəbul edək.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış etmək istəyən var? Rafael Cəbrayılov.
R. Cəbrayılov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əvvəlcə onu deyim ki, vaxtınızı çox almayacağam. Mənim təklifim yalnız Cinayət Məcəlləsinə əlavə olunan “Dövlət əyar damğalarını saxtalaşdırma” adlı 213.3-cü maddə ilə bağlıdır. Mən bilmək istəyirdim ki, bu əyar damğasını necə saxtalaşdırmaq olar. Burada söhbət üç hədli riyazi rəqəmdən gedir. Faktiki surətdə nə baş verir. Zərgərlik məmulatının üzərinə onun faktiki əyarlığına uyğun olmayan damğa vurulur. Məsələn, deyək ki, satış üçün 370 əyarlı zərgərlik məmulatı istehsal olunur, lakin üzərinə 583 əyarlığı göstərən damğa vurulur. Faktiki surətdə burada o dövlət əyar damğası deyil, həmin zərgərlik məmulatı saxta olur.
Mən fikirləşirəm ki, əgər bu maddənin dispozisiyası bu formada qalarsa, məhkəmə işçiləri bu maddəni təcrübədə tətbiq edəndə çətinlik çəkəcəklər. O da bu gün heç kim üçün sirr deyil ki, ticarət şəbəkələrində saxta zərgərlik məmulatları çox böyük uğurla satılır. Yəni bu bir işlək maddə olacaq. Təsəvvür edin ki, istintaq və ya məhkəmə baxışında müdafiə tərəfi vəsatət verəcək ki, həmin saxtalaşdırılan əyar damğası maddi sübut kimi cinayət işinə əlavə olunsun. Sözsüz ki, bu təbii bir şeydir. Və sonra da vəsatət verəcək ki, bu əyar damğasının saxtalığının nədən ibarət olduğu göstərilsin. Saxtalıq da biz bilirik ki, orijinalın qanunsuz surətinin yaranması və ya orijinalı təşkil edən komponentlərin qanunsuz dəyişdirilməsi və ya təhrif olunmasıdır. Burada üç hədli riyazi rəqəm, ümumiyyətlə, saxtalaşdırılmır. Zərgərlik məmulatı düzəlir və onun üzərinə faktiki əyarlığını müəyyən etməyən başqa bir damğa vurulur. Bu da qəsdlə, bilə-bilə olunur.
Bundan başqa, mən həmin maddənin 2-ci hissəsini nəzərinizə çatdırmaq istəyirəm. Burada ağırlaşdırıcı hal kimi bu əməlin təkrar törədilməsi göstərilir və mən hesab edirəm, çox düzgündür. Amma nəzərə alsaq ki, bu formada cinayətlər, ümumiyyətlə, təkbaşına törədilmir, bir qrup şəxsin qabaqcadan əlbir olması ilə törədilir, mən təklif edərdim ki, ağırlaşdırıcı hal kimi maddənin 2-ci hissəsinə bir qrup şəxsin əlbir olması da yazılsın. Təklifim bundan ibarətdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Rövşən müəllim, münasibət bildirmək istəyirsiniz? Buyurun.
R. Rzayev. Mən dediklərinizlə razıyam. Amma bir məsələni də qeyd eləmək istəyirəm ki, bu maddədə bu işlə məşğul olan şəxslərdən söhbət gedir. İkinci bir tərəfdən isə biz yəqin ki, özümüz bunu komissiyada bir yerdə işgüzar şəraitdə müzakirə edib, fikrimizi söyləyərik.
Sədrlik edən. Təşəkkür edirəm. Rafael müəllim çox ciddi məsələ qaldırdı. Burada saxtalaşdırma deyəndə, mən hesab edirəm ki, söhbət təkcə orijinalın saxtalaşdırılmasından yox, həm də məmulata başqa rəqəm vurulmasından gedir. Deyək ki, 400-lük əyarın yerinə 900-lük əyar vurula bilər. Bu da saxtalaşdırmadır. Buyurun.
R. Cəbrayılov. Ziyafət müəllim, düzgün deyirsiniz. Amma mən ona görə 370 dedim ki, bu gün zərgərlik məmulatları satışa 370, 583, 585, 750 və xalis qızıl forması 999 əyarları ilə gedir. Bundan başqa, nəzərə alın ki, ümumiyyətlə, Cinayət Məcəlləsində saxta qızıl məmulatlarının satılmasına görə maddə yoxdur. Yalnız 200-cü maddə var ki, o da istehlakçıların aldadılmasına görə məsuliyyəti nəzərdə tutur. Deməli, bu cinayət həmin maddənin də təsiri altına düşməyəcək. Digər tərəfdən 200-cü maddədə sanksiya o qədər cüzidir ki, heç bu cinayətin ciddiliyi ilə o sanksiyanın cüziliyi arasındakı uçurumu nəzərə alaraq həmin maddəni tətbiq eləmək lazım olmayacaq.
Mən qabaqcadan söz verdim ki, vaxtınızı çox almayacağam. Amma mənim təklifim daha uzun idi. Mən deyəcəydim ki, burada saxta zərgərlik məmulatlarının satışına görə də məsuliyyət müəyyən olunsun. Bəli, mən yeni təklif eləmək istəyirdim, demək istəyirdim ki, dispozisiyanı təzədən işləmək lazımdır. Orada göstərmək lazımdır ki, dövlət əyar damğasının saxtalaşdırılması yox, zərgərlik məmulatının üzərinə onun faktiki əyarlığını müəyyən etməyən saxta dövlət əyar damğasının vurulması və ya bunların həm də satışı.
Sədrlik edən. Təşəkkür edirəm. Sizin dediyiniz artıq başqa tərkibdir. Onu hazırlayın, verin. Komissiyada baxmaq olar. Amma hər halda bunu qəbul etməliyik. Başqa çıxış etmək istəyən var? Rövşən müəllim, nə isə demək istəyirsiniz.
R. Rzayev. Mən demək istəyirdim ki, bu qanunu qəbul edək. Bu barədə məsələ ciddidir. Qanunun təşəbbüskarı ilə, şöbə ilə biz bunları işləyib, bu məsələyə bir daha qayıdarıq.
Sədrlik edən. Təşəkkür edirəm. Doğrudur. Rafael müəlli min dediyində həqiqət var. Çünki kifayət qədər təcrübəyə malik adamdır. Praktikada belə hallar ola bilər. Amma yeni tərkib necə olacaq, onu hazırlayın. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.41 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin axırıncı məsələsi. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələrin və dəyişikliklərin edilməsi barədə. Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin və əlavələrin edilməsi barədə qanun layihəsi əhəmiyyətli problemin həllinə yönəlib. Qeyd olunan qanunun 2000-ci ildə qəbul edilməsi, həmçinin 2006-cı ilin dekabr ayında qəbul edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin qüvvəyə minməsi ilə əlaqədar qanunun bəzi müddəalarına əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.
Layihədən göründüyü kimi, qanunun “Əsas anlayışlar” adlı 2-ci maddəsi daha çox dəyişikliyə məruz qalmışdır. Təqdim olunan layihədə həmin maddəyə üç yeni müddəanın əlavə edilməsi və dörd müddəasında dəyişikliyin edilməsi nəzərdə tutulmuşdur. Mövcud qanunda “dövlət hakimiyyəti orqanı” və “yerli dövlət hakimiyyəti orqanı” anlayışlarından istifadə olunur və həmin anlayışların qanunda açıqlanmaması bəzi ziddiyyətlərə səbəb olur. Yəni həmin orqanların konkret olaraq dövlət hakimiyyətinin hansı struktur forması olması açıqlanmır.
Bundan başqa, qanunun 5.3-cü və 12-ci maddələrində şəhər rayonu terminindən istifadə olunur. Lakin 2-ci maddədə “şəhər rayonları” anlayışı, onların inzibati ərazi quruluşunun hansı tərkib hissəsi olması açıqlanmır. Bu səbəbdən də 2-ci maddəyə üç yeni bəndin əlavə edilməsi zərurəti yaranmışdır. Bu üç yeni bənd dövlət hakimiyyəti orqanı, yerli dövlət hakimiyyəti orqanı və şəhər rayonu məfhumlarının tam açıqlamasını verir.
“İnzibati ərazi vahidi” anlayışından göründüyü kimi, rayon və şəhərlərdən başqa, bəzi hallarda qəsəbə və kəndlərin də inzibati ərazi vahidi hesab edilməsi düzgün deyildir. Belə ki, inzibati ərazi vahidlərində dövlət hakimiyyəti orqanı, yəni icra hakimiyyəti orqanı yaradılır. Məlumdur ki, rayon tabeli şəhərlərdə, kəndlərdə və qəsəbələrdə icra hakimiyyəti deyil, icra nümayəndəliyi, yəni yerli dövlət hakimiyyəti orqanı təşkil edilir. Lakin qanunda inzibati ərazi dairəsinin, habelə bəzi hallarda qəsəbə və kəndlərin də inzibati ərazi vahidi hesab edilməsi çaşqınlıq yaradır. Həmçinin şəhər rayonlarının da ərazi vahidi olduğu nəzərə alınaraq, qanunun 2.3-cü, 2.4-cü və 2.8-ci maddələrinin yeni redaksiyada verilməsi zərurəti yaranmışdır.
2-ci maddəyə təklif olunan digər dəyişiklik qəsəbə anlayışında verilmiş “əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan” sözlərinin çıxarılması ilə bağlıdır.
Qanuna edilən daha bir dəyişiklik 6-cı maddə ilə bağlıdır. Həmin maddə “Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsündə baş verən dəyişikliklər barədə məlumatların verilməsi” adlanır. Qeyd etmək istəyirəm ki, belə dəyişikliklər il ərzində 4-5 rayonun inzibati ərazisində aparılır. Ölkənin inzibati ərazi quruluşunda aparılmış dəyişikliklərə dair məlumat toplusu sonuncu dəfə 1977-ci ilin məlumatları əsasında 1979-cu ildə nəşr edilmişdir. Belə bir toplunun 30 il müddətində nəşr edilməməsini və dövlət quruculuğunun tərkib hissəsi olan inzibati ərazi bölgüsünə dair məlumatların yeni redaksiyada nəşr edilməsinə ehtiyacın olmasını nəzərə alaraq, deməliyik ki, həmin maddənin yeni redaksiyada verilməsi daha məqsədəuyğundur. Burada göstərilir: “Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən on ildən bir Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə dair məlumatları əks etdirən toplu nəşr olunur”.
Qeyd etdiyim kimi, qanunun 2-ci maddəsində əlavə və dəyişikliklər edildiyindən bəzi maddələrdə də dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Belə ki, Qanunun 7.4.2-ci, 7.5.2-ci, 8.4.2-ci və 9.6.2-ci maddələrindən “inzibati ərazi vahidi və ya” sözlərinin çıxarılması təklif olunur.
Bundan başqa, Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 12.3.2-ci və 13.2-ci maddələrdə bu xəritələrin miqyası göstərilir. Bu sizə təqdim olunmuş layihədə var.
12-ci maddənin adında və mətnində verilmiş “şəhərlərdə rayonların” sözlərinin müvafiq olaraq “şəhər rayonlarının” sözləri ilə əvəz edilməsi təklif olunur.
Qanuna edilən zəruri dəyişikliklərdən biri də 10-cu maddə ilə bağlıdır. Qanunun 10.2-ci maddəsindən “ərazi vahidlərinin statusunun müəyyən edilməsi və dəyişdirilməsi ərazi vahidinin qeydə alınması üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir” sözlərinin çıxarılması və 10.3-cü maddənin əlavə edilməsi nəzərdə tutulur ki, bu da ərazi vahidlərinin statusunun müəyyən edilməsi və dəyişdirilməsi ilə əlaqədar olaraq toplanılan sənədlərdən ibarətdir.
Qanuna edilən dəyişikliklərdən biri də 11.3-cü maddə ilə bağlıdır. Belə ki, qanunun 2-ci maddəsində əlavə və dəyişikliyin edilməsi 11.3-cü maddədə də dəyişikliklərin edilməsi zərurəti yaratmışdır. Məlumdur ki, rayon və şəhər icra hakimiyyəti tərəfindən yerlərdə təşkil edilən icra nümayəndəliyi qəsəbə və kəndlərdən əlavə, rayon tərkibində olan şəhərlərdə də fəaliyyət göstərir. Lakin qanunun 11.3-cü maddəsində yalnız qəsəbə və kənd icra nümayəndəliklərinin mövcud olmasından bəhs edilir ki, bu da qanunda müəyyən boşluqlara səbəb olur. Odur ki, qanunun 11.3-cü maddəsinin birinci cümləsində “kənd və ya qəsəbə” sözlərinin “şəhər, qəsəbə və ya kənd” sözləri ilə, ikinci cümləsində isə “mərkəzi olan kənd və ya qəsəbənin” sözlərinin “mərkəzinin” sözləri ilə əvəz etməklə bu məsələ də öz həllini tapmış olur.
Bu qanuna əlavə və dəyişikliklərin edilməsinə Milli Məclis tərəfindən təşəbbüs göstərilməsi yaxşı haldır və bu təcrübəni davam etdirmək yaxşı olar. Elə bilirəm ki, hörmətli millət vəkilləri bu təşəbbüsü dəstəkləyəcək və təqdim olunan sənədə hamılıqla səs verəcəklər.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Çıxış etmək istəyən var? Gülhüseyn müəllim, buyurun.
G. Əhmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, bu gün burada “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna dəyişikliklər edilməsi ilə əlaqədar təqdim olunmuş layihə vaxtında qaldırılmış bir məsələdir. Ona görə ki, keçmiş sovet dövründən ərazi bölgüsü ilə əlaqədar respublikamızda çox böyük problemlər qalmışdır. 16 ildir müstəqillik əldə etmişik. Respublikamızda sosial-iqtisadi sahədə çox böyük uğurlar qazanmışıq. Lakin hələ də rayonlar arasında, kəndlər arasında ərazi bölgüsü ilə əlaqədar mübahisələr mövcuddur. Həmin mübahisəli məsələlərin həlli üçün bu qanun daha da təkmilləşdirilməli və işlək bir qanuna çevrilməlidir. Mən bu dəyişikliklərin lehinə səs verəcəyəm və həmkarlarımı da bunun lehinə səs verməyə çağırıram.
Lakin bir məsələyə toxunmaq istəyirəm. 2-ci maddədə göstərilir ki, inzibati ərazi dairəsi bir və daha çox kənd və qəsəbədən ibarət ola bilər. Həqiqətən, bu gün respublikada elə inzibati ərazi dairələri var ki, tərkibində bir neçə kənd var. Elə kəndlər var ki, bu gün həmin inzibati ərazi dairəsinin mərkəzindən 7-8 kilometr, hətta bəzi yerlərdə 10 kilometr məsafədə yerləşir. Mərkəzdən uzaqda yerləşən kəndin əhalisi üçün bir arayış almaq belə böyük problemə çevrilir. Belə problemli kəndlər, əlbəttə, Abşeronda da mövcuddur.
Hamınıza məlumdur ki, Abşeron təsərrüfat rayonu idi və burada Ramana südçülük sovxozu, 2 nömrəli tərəvəzçilik-südçülük sovxozu var idi. Bilirsiniz ki, “Kolxoz və sovxozların islahatı haqqında” Qanuna əsasən bunların hamısı ləğv olunub. Bu gün Bakının kəndlərində bununla bağlı böyük problemlər var. Bununla əlaqədar, Ziyafət müəllim, mənə müraciət ediblər. Sabunçu rayonunun Pirşağı qəsəbəsində 2 nömrəli sovxoz var idi. Hörmətli Hacı Fərrux Zeynalovun da bu haqda məlumatı var. Belə bir sovxoz bu gün yoxdur. Bu kəndin adı yoxdur. Kənddə 4 min nəfər əhali yaşayır, 850 təsərrüfatdır, kənddə Kənd Təsərrüfatı Nazirliyinin iki böyük institutu – tərəvəzçilik və əkinçilik institutları var, aqrokimyəvi laboratoriya var, kəndin adı yoxdur. Haradan məktub gəlsə, yazırlar 2 nömrəli sovxoz.
Sədrlik edən. Gülhüseyn müəllim, əvvəl o kəndin adı nə olub?
G. Əhmədov. Kəndin adı olmayıb, kənd guya Pirşağı qəsəbəsinin tərkibində gedir, halbuki ondan 7-8 kilometr kənardadır. Orada yaşayan insanların hamısı Qərbi Azərbaycandan 1948-1952-ci illərdə Muğanın rayonlarına deportasiya olunub, sonra da Abşerona köçüb gəliblər. İndi dediyim yerdə yaşayırlar. Bir kənddə 4 min əhali yaşayır. Ancaq bu kəndin adı yoxdur. Mənə müraciət edirlər ki, onlara bu məsələ ilə əlaqədar köməklik göstərək. Ramana südçülük sovxozu da belədir. Bu kəndlərə ad verilməlidir, eyni zamanda, bunların özünün icra nümayəndəsi, inzibati ərazi dairəsi olmalıdır, camaat ora müraciət etməlidir. Orada lazım olan arayışı da almalıdır.
Sonra, 6-cı maddədə göstərilir ki, Milli Məclis on ildən bir respublikada olan inzibati ərazi bölgüsünə dair məlumatı əks etdirən toplu buraxmalıdır. Bu çox yaxşı haldır. Toplu çox dəqiq işlənməli və burada bizim kənd, qəsəbə, rayon və şəhərlərimizin adı dəqiq verilməlidir. Çünki bu bizim tariximizdir, bu bizim nəsillərə qalan bir mirasdır. Ona görə hesab edirəm, qanuna bu dəyişikliklərin edilməsi vacibdir. Bizim Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasından və Milli Məclisin müvafiq şöbəsinin əməkdaşlarından xahiş edirəm, bu məsələlərin həllinə köməklik eləsinlər. Respublikamızda dediyim Ramana südçülük sovxozu və 2 nömrəli südçülük sovxozundan başqa o qədər belə kəndlər var ki, nə adı var, nə də bir yerdə qeydiyyatı. Bu məsələyə biz ciddi yanaşmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərrux Zeynalov.
F. Zeynalov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Gülhüseyn müəllimin dediyi bu çox ciddi problem mənim deputat olduğum ərazidə də, başqa ərazilərdə də var. Bu uzun mövzudur, mən hörmətli deputatların vaxtını almaq istəmirəm. Keçən əsrin ortalarında, kolxozlaşma, sovxozlaşma dövründə Bakı kəndlərinin, rayonlarının münbit torpaq sahələrini Nazirlər Sovetinin qərarı ilə veriblər Abşeron rayonuna ki, buada kolxoz və sovxozlar yaradılsın. Məsələ buradan başlanıb. Keçən əsrin 30-40-cı illərində, bu kolxozlaşma, sovxozlaşma dövründə Abşeron rayonu kənd rayonu olduğuna görə burada, məsələn, Maştağada zəfəran sovxozu, Ramanada südçülük sovxozu, Pirşağıda başqa sovxozlar, bir sözlə, Bakının bir çox kənd və qəsəbələrində böyük sovxozlar, kənd təsərrüfatı obyektləri yaradılıb. Bununla əlaqədar Azərbaycanın rayonlarından, Ermənistandan və başqa rayonlardan külli miqdarda insanlar gəlib burada məskunlaşıb, yaşayış məntəqələri, kəndlər, qəsəbələr salıblar.
Mən qısa deyirəm. Məsələ burasındadır ki, 1990-cı ildən bəri bu torpaqlarda bir dənə kənd təsərrüfatı obyekti fəaliyyət göstərmir, kolxoz, sovxozlar da ləğv olunub. Amma o dövrdə yaranmış qəsəbələr bu gün var. Məsələn, bunlardan biri Gülhüseyn müəllimin dediyi Ramana südçülük sovxozudur. Bura vaxtilə sovxoz olub. İndi bu qəsəbənin 6 min əhalisi var və o, Ramana kəndindən böyükdür. Aralarında məsafə də çoxdur. İndi var Ramana kəndi, var Ramana südçülük sovxozu, bir də var Yeni Ramana. Deməli, Ramana üç yaşayış məntəqəsindən ibarətdir. Bunların hamısı bir-birindən ayrı-ayrı məsafələrdədir. Bu insanlar yaşadıqları kəndlərə, qəsəbələrə ad qoymaq istəyirlər. İndi bunlardan soruşanda ki, harada yaşayırsan, deyirlər, südçülük sovxozunda. Halbuki hazırda belə bir sovxoz yoxdur. Pirşağıda da 2 nömrəli sovxoz çoxdan ləğv olunub. İnanın mənə, Pirşağı ilə oranın 6-7 kilometr arası var. Bu kəndin nə bir dənə bələdiyyəsi var, nə də bir icra nümayəndəsi. Bir arayış almaq üçün bu kəndin adamı durub Pirşağıya getməlidir. Düzdür. Biz orada məcbur etmişik ki, nümayəndələr otursun. Amma bu məsələlər çoxdur. Bunlar həllini tapmalıdır.
Sədrlik edən. Mən sizi başa düşdüm, Fərrux müəllim. Bəs bu adı qoymağa nə mane olur?
F. Zeynalov. Məsələn, Sabunçu rayonunda 11 kənd və qəsəbə var. Əslində, 11 deyil, 15-dir. O qəsəbələr heç bir yerdə qeydiyyatda deyil. Biri Ramananın üstündə, biri Pirşağının üstündə, biri Maştağanın üstündə gedir. Yəni bunlara ad vermək lazımdır. Bunların inzibati ərazi dairəsi yaradılmalıdır ki, öz icra nümayəndələri olsun, bələdiyyələri olsun. Keçən dəfə hörmətli Arif müəllimin komissiyasında hansısa rayonun bir kəndini iki yerə bölürdülər. Mən başa düşmürəm, doğrudanmı, axır illərdə elə kənd var ki, bu qədər artsın və o iki yerə bölünsün. Mən irad tutmuram, eşitdiyimi deyirəm. Dedi ki, bir kəndin bu başından o başına 25 kilometr yol getmək lazımdır. Buradan Mərdəkana 25 kilometrdir. Bu gün, doğrudan da, biz fakt qarşısında qalmışıq. Mən ora necə ad qoyum? Buna ad qoymağın öz proseduru var. Biz bu məsələni hələ 90-cı illərdə qaldırmışıq, bu məsələ həllini bu vaxta qədər tapmır. Çox sağ olun.
Sədrlik edən. Nizami müəllim, təkid edirsiniz? Buyurun.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu məsələ daim vətəndaşları düşündürən məsələlərdəndir. Fərrux müəllim düz dedi, Milli Məclisdə bu məsələ 90-cı illərdən qaldırılır, lakin hələ də öz həllini tapmayıb. Doğrudan da, təkcə Abşeron zonasında deyil, Azərbaycanın hər tərəfində belə süni, qondarma və gülünc adlar var. Filan nömrəli sovxoz, filan nömrəli kolxozun filan sahəsi. İndi dedilər ki, burada əhalinin sayı 4 min nəfərə yaxındır. Mən onu bilirəm və başa da düşürəm. Biz işlədiyimiz dövrdə də bunu müşahidə etmişik. Ancaq burada bir məsələ maliyyə ilə bağlıdır. Bunu biz bu saat həll edə bilmərik. Parlamentin iclasında bu mümkün deyil. Bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Ora status verilməlidir, büdcədən ora pul ayrılmalıdır və bu məntəqələr adlandırılmalıdır. Bu çox ciddi məsələdir. Bu adi məsələ deyil. İstər Gülhüseyn müəllim, istərsə də Fərrux müəllim çox aydın və düzgün şərh verdilər. Mən də təklif edirəm ki, o məsələ parlamentin növbəti iclasında hökumət qarşısında qaldırılsın, həmin sovxoz və kolxozlara münasib adlar verilsin və maliyyə yardımı göstərilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, buyurun.
E. İbrahimov. Mən bu məsələ ilə məşğul olduğuma görə istərdim hörmətli həmkarlarımın fikirlərinə aydınlıq gətirim. Bu çoxdan davam edən çox ağrılı məsələdir. Abşeron rayonu ilə Sabunçu rayonu arasında torpaqlar qarışıq düşübdür. Abşeron rayonunun özünə Sabunçu rayonundan xeyli torpaqların qaytarılması məsələsi var. Hazırda Torpaq Komitəsi tərəfindən bu xəritə cızılır. Bununla məşğul olmaq lazımdır.
Bir də, mən sizin icra başçısı ilə danışdım, özünüz də təşəbbüs göstərin. İcra hakimiyyəti başçısının işidir ki, bu məsələləri qaldırsın, ad dəyişsin, ad qoysun. Gərək bunun mexanizmini tapaq və onları məcbur edək, deyək, bu məsələləri həll etsinlər. Çox ağrılı məsələdir.
Ziyafət müəllim, bizə də həddindən artıq ərizələr daxil olur. Çox təəssüf ki, bunun icra mexanizmini tapmaq çətindir. Amma torpaqlar üzərində iş gedir. Hələ Əzizbəyov rayonunda da var. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Başqa çıxış etmək istəyən yoxdursa, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 15.00 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi. Bununla da iclasımız başa çatdı.
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNIN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 50
Milli Məclisin iclas salonu.
1 may 2007-ci il. Saat 12.
Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Q. Əsgərzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti.
E. Rəhimov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi.
Ə. Qocayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Təşkilat İdarəsinin rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında.
3. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
4. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
5. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
5. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
1 may 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz. Qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 104
Yetərsay 83
Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun. Amma xahiş edirəm, gündəlik ətrafında danışın. Siyahıya görə müzakirədə 16 nəfər iştirak eləmək istəyir. Buyurun, Rəbiyyət xanım.
R. Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən istərdim ki, bu gün Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına seçkilərdə uğur qazanan həmkarlarımızı təbrik edək. Bu gün bizim həmkarımız hörmətli Abel Məhərrəmov Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Böyük tarixçimiz Yaqub müəllim, Bəxtiyar Əliyev, Rafael Hüseynov Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişlər. Bu, Azərbaycan elminin uğurudur. Mən hesab edirəm ki, həmkarlarımızın uğuru hər birimizin uğurudur və istərdim ki, hər birimiz adından bu insanları təbrik edək. Bu çox böyük uğurdur. (Alqışlar.)
Sədrlik edən. Hər birinizi təbrik edirik, gələcək elmi uğurlar arzulayırıq! Müzakirələrə başlayaq. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mən əvvəlcə mətbuatın, o cümlədən müstəqil və müxalif mətbuatın da qeyd eləmədiyi bir gün haqqında danışmaq istəyirəm. Bu, 1 May günüdür. Bilirsiniz ki, biz keçmiş totalitar kommunist rejimindən azad olduqdan sonra həmin rejimin atributlarından biri kimi və sovet hakimiyyətinin mənafeyinə xidmət eləyən ideoloji gün kimi həmin bayramı ləğv eləmişdik. Bu bizim, mənim də rəhbərlikdə olduğum hakimiyyət dövründə baş vermişdi.
Ümid edirdik ki, sinfi qütbləşmənin olmadığı milli həmrəyliyə əsaslanan bir cəmiyyət quracağıq və bu cəmiyyətdə Azərbaycanın bütün vətəndaşları mülkiyyətindən, istehsalatda tutduğu statusdan asılı olmayaraq, keçmiş kommunist rejimi dövründə elan olunmuş bərabər hüquqlara malik olacaqlar. Lakin bu bir xəyal olaraq qalmışdır. Biz buna nail ola bilməmişik. Çox təəssüf ki, Azərbaycanın müstəqil olduğu 15 ildən artıq bir müddətdə sosial cəmiyyət yaradılmayıb. Biz zəhmətkeşlərin yaratdığı dəyərlərin bəhrəsindən yararlanırıq. Lakin onları ciddi nöqsanlarla, hətta bir çox sahələrdə sovet dövründən də çətin olan bir vəziyyətlə üz-üzə qoymuşuq. Bu gün bu mütləq qeyd olunmalıdır.
Məni çıxış etməyə vadar edən səbəblərdən biri də ondan ibarətdir ki, mənə gələn məktubların birində tikinti fəhlələri haqqını tələb etdikdə hansısa bir firmanın mühafizəçiləri tərəfindən “səni itə yedizdirərəm” kimi təhqiramiz təhdidlə qarşılaşmışlar. Mən hesab edirəm ki, Azərbaycanın zəhmətkeş işçilərinin, kənd təsərrüfatı işçilərinin, sənaye fəhlələrinin, bütün kütlələrin öz haqlarını tələb etməyə, bizdən də bunu tələb etməyə, Milli Məclisdən də tələb etməyə haqları vardır. Onların haqları uğrunda mübarizə aparmaq hər birimizin borcudur.
Sədrlik edən. Pənah bəy, özünüz dediyiniz kimi, Siz hakimiyyətdə olanda birinci bunu özünüz qəbul elədiniz. İndi də istəyirsiniz ki, təzədən həmin bayramı bərpa edək. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlarım, hörmətli mətbuat nümayəndələri! Mən istəyirəm, bu gün aktual olan, eyni zamanda, cəmiyyətdə həmişə mübahisələrə və müzakirələrə səbəb olan və bütövlükdə birmənalı qarşılanmayan bir mövzuya toxunam. Bu da Azərbaycanın qeyri-hökumət təşkilatları ilə Ermənistanın qeyri-hökumət təşkilatlarının bir-biri ilə əməkdaşlığı, qarşılıqlı səfərlərin təşkili məsələsidir. Ona görə ki, təxminən bir ay sonra bir qrup heyət Ermənistana getməyə hazırlaşır. Orada müəyyən bir layihə çərçivəsində erməni tərəfi ilə əməkdaşlıq eləmək istəyir.
Bu barədə mətbuatda dəfələrlə ayrı-ayrı dövlət qurumlarının, rəsmilərinin fikirləri səslənsə də, mənə elə gəlir ki, bu məsələyə mövqe nümayiş elətdirib son qoymağın vaxtı çatıbdır. Çünki bizim dövlət siyasətimiz, cəmiyyətin, xalqın mövqeyi ondan ibarətdir ki, nə qədər ki Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyib və bu problem öz siyasi həllini tapmayıb, Azərbaycanın qeyri-hökumət təşkilatları, iş adamları, dövlət qurumları ilə Ermənistanın dövlət qurumları, iş adamları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıqdan söhbət gedə bilməz. Lakin hesab edirəm ki, bu gün bunun qarşısının alınması üçün bizdə lazımınca mexanizm yoxdur. Bu gün həmin səfərləri təşkil edən hər hansı bir şəxsə, istər jurnalist olsun, yaxud başqası, hər hansı bir ciddi qanuni mexanizm tətbiq etmək mümkün deyil. Ona görə də mən təklif edirəm ki, bu məsələ Milli Məclisin gündəliyinə salınsın, açıq müzakirə olunsun və ehtiyac olduqda bu məsələni tənzimləyən qanun qəbul edək.
Düzdür, burada Dağlıq Qarabağda olan vətəndaşlarımızla Ermənistandakı qeyri-hökumət təşkilatlarını fərqləndirməyimizə ehtiyac var. Çünki mən düşünürəm ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün oradakı insanlar da mövqelərindən, separatçılığından asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın qeyri-hökumət təşkilatları ilə, tutaq ki, Dağlıq Qarabağda olan sakinlərin hər hansı bir təması, məncə, yolveriləndir. Lakin Ermənistanla bağlı məsələyə ciddi aydınlıq gətirilməlidir. Çünki erməni tərəfi bu məsələdən sui-istifadə edərək dünya ictimaiyyətinə car çəkir ki, baxın, Azərbaycan xalqı ilə Ermənistan xalqının heç bir problemi yoxdur, onlar sərbəst gedib gəlirlər və demək olar ki, bu problem xalqlar arasında deyil, hökumətlər arasındadır. Ermənilərin əlinə əsas verməmək üçün, mənə elə gəlir ki, bu layihəyə ehtiyac var. Bu barədə biz düşünməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım, media nümayəndələri! Mən istərdim, bu gün həm millət vəkillərinin, həm ölkənin siyasi rəhbərliyinin diqqətini bir problemə yönəldim. Bu da Azərbaycan futbolunda yaranmış vəziyyətlə bağlıdır. Burada oturanların hər biri bilir ki, futbol dünyada ən populyar bir idman növüdür. Artıq qadın futbol komandaları da yaranıb. Dünyada kişilərlə bərabər tamaşaçıların yarısı qadınlar olur. Amma Azərbaycan futbolunda, təəssüf ki, heç bir dönüş yaratmaq mümkün deyil.
Bu yaxınlarda bizim Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi. Həmin iclasda kimin söz demək imkanı vardısa, onlar da oradan uzaqlaşdırıldı. O cümlədən bizim deputat həmkarımız Rauf Əliyev. Onlar kənarlaşdırılandan sonra İcraiyyə Komitəsində çox biabırçı və ölkəmizə baş ucalığı gətirməyən bir qərar da qəbul olundu. Milli komandaya legioner limiti müəyyənləşdirilib. Bu, doğrudan da, əsaslandırılması mümkün olmayan biabırçı bir qərardır. Ona görə ki, İcraiyyə Komitəsində artıq müstəqil söz demək imkanı olan bir nəfər də qalmayıb. Həmin vəzifə seçkili vəzifə olmasına baxmayaraq, bizim AFFA-nın prezidenti bəyan edir ki, onu ora qoyublar. Ona görə də istefa verməyə də hazırlaşmır.
Milli komanda 15 il ərzində cəmi 3 dəfə qalib gəlib. Biz komandamızın vəziyyətini Cənubi Qafqazdakı qonşu respublikalarla müqayisə edək. Mən hesab edirəm ki, ölkənin indiki imkanları çərçivəsində Azərbaycan futboluna kifayət qədər vəsait ayrılır. Ümumiyyətlə, idmana həddindən artıq vəsait ayrılır. Hətta biz büdcənin müzakirəsində olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın təlim-məşq toplantılarının keçirilməsi üçün 5 milyon dollar vəsait ayırdıq.
Mən hesab edirəm ki, Azərbaycanın rəhbərliyi bu məsələyə diqqət yetirməlidir. Biz imkan verməməliyik ki, ora kimsə özünün şəxsi dükanı kimi baxsın, istədiyi adamları, ictimai iaşə işçilərini, tikinti işçilərini toplasın. Futbol incəsənətdir. Tutaq ki, Bəstəkarlar Birliyinə toplaşan insanlar yaradıcı insanlardır. Hamı idmanla məşğul ola bilər. Amma peşəkar idmançıdan istedad, qabiliyyət tələb olunur. İsgəndər Cavadov kimi Azərbaycan futbolunda tanınmış bir şəxs kənarlaşdırılır, İcraiyyə Komitəsindən çıxarılır və heç kim də buna etiraz eləmir. Mən xahiş edirəm, bu məsələyə ölkə rəhbərliyi diqqət yetirsin. Biz futbolumuzu lazım olan səviyyəyə qaldıra bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bilirəm, Sizin futbola çox həvəsiniz var. Deputatlardan ibarət futbol komandası da təşkil eləmişik. Rumıniyada yoldaşlıq görüşü keçirilməli idi. Lakin hakimiyyət böhranı olduğu üçün təxirə salındı. İnşallah, gələn dəfə gedəndə İsgəndər Cavadov Sizin məşqçiniz kimi gedəcək. Bu məsələyə aydınlıq gətirərik. Nəsib Nəsibli.
N. Nəsibli. Cənab Sədr, təşəkkür edirəm. Əgər mümkündürsə, sıradakı yerimi Cəmil Həsənliyə verim. Vaxt olsa, Cəmil müəllimin yerinə mən danışaram. Çox təşəkkür edirəm.
Sədrlik edən. Cəmil Həsənli, buyurun.
C. Həsənli. Cənab Sədr, təşəkkür edirəm. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bizim iki iclasın gündəliyinə Azərbaycanın iqtisadi, mədəni həyatının, həmçinin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox vacib olan qanun layihələri salınıb. Yəqin ki, bu qanun layihələrinin müzakirəsi səmərəli keçəcəkdir.
Bununla bərabər gündəliyə bir əlavə təklif vermək istəyirəm. Bu təklif də ondan ibarətdir ki, məlum olduğu kimi, aprel ayının sonlarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı məruzə dinlənilib. Bu məruzədə həm yaxşı mənada, həm də tənqidi mənada qeydlər öz əksini tapıb. Əgər mümkün olsa, uyğun bilsəniz, mən bu məruzənin Azərbaycan parlamentində müzakirə edilməsini, ən azı nümayəndə heyətinin rəhbərliyi səviyyəsində parlamentə məlumat verilməsini və bu məlumatın müzakirə olunmasını təklif edirəm.
Məlum olduğu kimi, həmin tənqidi qeydlər içərisində Azərbaycanda korrupsiyanın geniş yayılması və Azərbaycanın məhkəmə sistemindəki vəziyyətlə bağlı çox maraqlı fikirlər var. Məsələn, Oqtay müəllim, nümunə olaraq, mən göstərmək istəyirəm ki, Pənah Hüseynlə biz – iki deputat 8 aydır haqqımızda söylənilən böhtana qarşı, bizim şərəf və ləyaqətimizin vəzifəli şəxs tərəfindən təhqir olunmasına qarşı iddiamızı məhkəməyə çıxara bilmirik. Hansı məhkəməyə müraciət ediriksə, gedir, Mənzil İstismar İdarəsindən bir arayış alır ki, həmin ünvan burada yerləşmir. Axı, bu ünvan Bakı şəhərində bir yerdə yerləşir, ya yox? Ondan yuxarı instansiya da bunu təmin eləmir. Söhbət Zakir Qaralovdan gedir. Mən bu məsələni burada qaldırmaq istəmirdim. Bilirsiniz, bu cür adamlar rəhbər vəzifəyə təyin olunanda nəticəsi belə olur. Zakir Qaralov vaxtı ilə sərxoşluq üstündə rayon prokuroru vəzifəsindən azad edilmişdi.
Sədrlik edən. Bir dəqiqə, xahiş edirəm. Cəmil müəllim, əgər Sizin elə bir sualınız varsa, üzr istəyirəm, niyə şou düzəldək? Siz bir dəfə nə mənə müraciət eləmisiniz, nə də ora müraciət eləmisiniz. Avropa Şurasından başlayıb Zakir Qaralova keçirsiniz. Mən xahiş edirəm, gündəlik çərçivəsində danışaq. Hüquqi dövlətdir. Hara müraciət eləmisiniz? Bu məsələ həll oluna bilər. Amma iclasda bu məsələləri kənara qoyaq. Hər dəfə məsələ müzakirəyə çıxarılanda gündəlik ətrafında təklif verin. Mən Sizi istənilən vaxt qəbul eləyə bilərəm. Hansı məsələ varsa, həll eləyək. Burada millət vəkillərinə başqa söz deyirsiniz. Xahiş edirəm, mənə müraciət edirsinizsə, başqa cür müraciət eləyin. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də gündəliyə daxil olan məsələlər arasında bir neçə dəfə Milli Məclisdə barəsində danışdığım Amnistiya haqqında qanun layihəsini görürəm. Çox sevinirəm ki, iclaslarımızın birində Amnistiya haqqında qanun layihəsinə baxacağıq. Həmkarımız Mehriban xanım Əliyevaya da təşəkkür edirəm ki, belə bir təşəbbüslə çıxış eləyib və Amnistiya haqqında qanun layihəsini Milli Məclisə təqdim edib.
Gündəliyə daha iki məsələnin daxil olmasını təklif edirəm. Birinci məsələ Azərbaycan mətbuatının durumu ilə bağlıdır. Bilirsiniz ki, bir neçə dəfə millət vəkilləri ANS-in lisenziyası ilə bağlı məsələ qaldırmışdı, amma uzun müddət həllini tapmırdı. Şükürlər olsun ki, ANS öz lisenziyasını ala bildi. Amma mətbuatın problemi təkcə bununla yekunlaşmır. Son günlər jurnalistlərin üzərinə olan basqılar, jurnalistlərin döyülməsi, həbs olunması, o cümlədən Üzeyir Cəfərovun döyülməsi və hüquq mühafizə orqanları tərəfindən hələlik cinayətkarların tapılmaması, Eynulla Fətullayevin həbsi, Rauf Arifoğlu haqqında rayon məhkəmələrində yenidən cinayət işinin başlanması Azərbaycan mətbuatının yaxşı durumda olmadığını göstərir. Həmçinin məmurların, ayrı-ayrı iş adamlarının sifarişi ilə söz və mətbuat azadlığına yeni bir hücum dalğasının baş qaldırması ölkənin imicinin aşağı salınmasına xidmət edir.
Üzvü olduğum İnsan hüquqları daimi komissiyası bu məsələləri Milli Məclisdə müzakirə etmək üçün ən azı bir komissiya yaratmalı və tədqiq etməlidir. Hörmətli Sədr, Sizə məruzə olunmalıdır. Sonra əgər gərəkdirsə, həmin məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər.
İkinci məsələ. Uzun müddətdir ki, Azərbaycan mətbuatında ayrı-ayrı etnik qrupların başqa dövlətlərdən Azərbaycana köçürülməsi ilə bağlı çox geniş şəkildə informasiya səslənir, müzakirələr açılır, telekanallarda göstərilir. Bu da dövlət sərhəd xidməti orqanlarında, yerlərdə əhali ilə qarşıdurma yaradır. Söhbət konkret olaraq Türkiyənin ayrı-ayrı vilayətlərindən kürd əsilli insanların sistemli və planlı şəkildə Azərbaycana köçürülməsindən gedir. Təbii ki, əhali arasında da ciddi şəkildə narazılıq yaradır. İnformasiya vasitələrində ayrı-ayrı mövqelər ifadə olunur. O cümlədən son günlər Qırmızı Körpü adlanan buraxılış məntəqəsində baş verən hadisə sıradan bir hadisə də ola bilər, çox ciddi siqnal kimi də dəyərləndirilə bilər. Xahiş edirəm, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ayrıca bir araşdırma aparsın, səlahiyyətli dövlət orqanlarına müraciət etsin. Bu məsələ yalnız bir millət vəkilinin müraciəti kimi yox, komissiyanın müraciəti kimi araşdırılsın və Milli Məclisin üzvlərinə bu barədə məlumat verilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, Siz İnsan hüquqları daimi komissiyasının üzvüsünüz. Rəbiyyət xanım da burada əyləşib. Məsələni komissiyada həll edin, sonra müzakirəyə çıxarın. Biz etiraz eləmirik. O biri komissiyalar da eyni qaydada. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım, mətbuat nümayəndələri! Bu gün bizim gündəlikdə müzakirəyə çıxarılan məsələlər iqtisadiyyatımızın, həyatımızın ən aktual problemlərinə aiddir. Çox güman ki, biz hamımız fəallıqla qanunların, əlavə və dəyişikliklərin qəbul edilməsinə nail olacağıq. Şübhəsiz ki, ölkəmizdə son illərdə istər iqtisadiyyatda, istər sosial həyatda, istərsə də beynəlxalq təcrübədə qazanılan uğurların, nailiyyətlərin kökündə bizim qanunvericilik təminatının dünya ənənələrinə uyğun olaraq düzgün qurulması durur. Bu baxımdan mən gündəlikdə olan qanun layihələrini dəstəkləyirəm və çox güman ki, onlara səs verəcəyəm. Üstəlik 1993-cü ildən bəri qəbul olunan bütün qanunların təsiri altında əldə olunmuş nailiyyətlər, inkişaf tempinə görə Azərbaycanın dünyanın ən qabaqcıl ölkələrindən biri səviyyəsinə qalxması qanunlara olan qayğıların və diqqətin nəticəsidir. Sözün əsl mənasında, bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu vahid strategiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamətində atılan addımların nəticəsidir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında, təhsildə, səhiyyədə əldə edilən nailiyyətlər, eləcə də Mehriban xanım Əliyevanın xidmətləri nəticəsində əldə olunan uğurlar Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ömrünün məntiqi davamıdır. Bu, Azərbaycan cəmiyyəti tərəfindən belə də qəbul olunur.
Hörmətli Sədr, ümumiyyətlə, mən qanun layihəsi barədə deyə bilərəm ki, indiyə qədər qəbul etdiyimiz qanunlar, əlavə və dəyişikliklər pərakəndə şəkildə çap olunur. Təklif edərdim ki, biz buna yenidən baxaq. Bu qanunlar toplu şəklində yenidən çap olunub ictimaiyyətə çatdırılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 5 aprel 2007-ci ildə Quba şəhərində stadion təmir edilərkən 1918-1920-ci illərdə ermənilər tərəfindən kütləvi qırğına məruz qalmış böyük bir insan məzarlığı aşkar edilmişdir. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları hadisə yerində olublar. Onlar ilkin rəy vermişlər ki, həqiqətən, bu hadisə 1918-1920-cı illərdə baş vermişdir. Bundan əlavə, Yeni Azərbaycan Partiyası Dəyirmi masa keçirmiş, Yeni Azərbaycan Partiyasının üzvləri və biz – millət vəkilləri həmin yerdə olmuşuq. Buna görə də mən onlara öz təşəkkürümü bildirirəm. Amma çox təəssüflər olsun ki, bu günə qədər bu hadisə ilə əlaqədar ictimai təşkilatlar, partiyalar tərəfindən, o cümlədən dövlət qurumları tərəfindən ciddi reaksiya verilməmişdir.
Bilirsiniz ki, 2008-ci ildə uydurma erməni soyqırımının 90 illiyi qeyd olunacaqdır və ermənilər buna çox böyük hazırlıq görürlər. Bununla əlaqədar mən artıq dərəcədə xahiş edərdim ki, dövlət səviyyəsində beynəlxalq ekspertlərin bu işə cəlb olunması üçün dövlət komissiyası yaradılsın. Bununla əlaqədar təkliflər Prezidentin İcra Aparatına verilib. Oqtay müəllimdən xahiş edərdim ki, Milli Məclis də bu məsələyə öz rəsmi mövqeyini bildirsin və bu məsələ Milli Məclisin gündəliyinə salınsın. Həm Qubada, həm də Neftçalada aşkarlanan məzarlıqlar barədə Milli Məclis öz qərarını versin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk növbədə parlament üzvlərinə bu gün paylanmış çox mühüm bir qanun layihəsinin əhəmiyyətini vurğulamaq istəyirəm. Şübhəsiz ki, amnistiya aktı çox sayda insanların həyatını əhatə edəcəkdir. Bu, ilk növbədə, cəmiyyətdə barış, güzəşt, humanizm və mərhəmət hisslərinin daha artıq dərəcədə özünə yer tapması deməkdir. Bu mənada ölkənin idarəçiliyində ulu öndərimizin adını daşıyan fonda rəhbərlik eləyən, eyni zamanda, parlament üzvü olaraq çox böyük bir missiya daşıyan hörmətli Mehriban xanım Əliyeva tərəfindən belə bir təşəbbüsün meydana gəlməsi bir tərəfdən Azərbaycan cəmiyyətində həmin hisslərin güclənməsinə səbəb olacaq, ümumi həmrəyliyə təsir göstərəcək, digər tərəfdən isə parlamentdən və dövlətin digər institutlarından gözlənilən etimad mühitinin yaradılmasına təsir göstərəcəkdir. Bu mənada mən bunu alqışlayıram. Bu xeyirxahlıq ailələri, insanları, o cümlədən Azərbaycan anasını, Azərbaycan qadını sevindirəcəkdir.
İkincisi, burada mətbuatla bağlı məsələyə toxunuldu. Cənab Sədr, Azərbaycana daxil olan neft gəlirləri artdıqca ölkənin içərisində və xaricində bizim daxili durumumuzun təhlili və qiymətləndirilməsi ilə məşğul olan müfəttişlər peyda olur. Əslində, mənim aləmimdə mətbuat azadlığının qiymətləndirilməsi müxtəlif ölçülər üzrə aparıla bilər. Bu, ilk növbədə, həmin kütləvi informasiya vasitələrinə rəhbərlik eləyən insanların şəxsi keyfiyyətindən asılıdır. Yəni özü kölə olan şəxs mətbuatı azad eləyə bilməz. İkincisi, mənim aləmimdə mətbuatın azad olması üçün mənşəyi bəlli olmayan çirkli pulların bu mətbuata qoyulması ənənəsi dayandırılmalıdır. Bu, mətbuat azadlığına ciddi şəkildə təsir göstərir.
Üçüncüsü, mətbuat hakimiyyət uğrunda mübarizənin bir barrikadasına, bir siyasi düşərgəsinə çevrilib. Onların özündən də soruşanda bunu inkar eləmirlər. Əslində, mətbuatın funksiyası tamam ayrıdır. Bu mənada mənim aləmimdə mətbuat azadlığı daha artıq dərəcədə cəmiyyətə qərəzsizliyi, obyektivliyi, doğru-dürüst fikri və informasiyaları yox, mənəvi terroru, kimləri isə qəzet səhifəsində linç etməyi, ölkənin iqtisadi həyatına qara yaxmaqla investisiya mühitinə zərbə vurmağı təlqin eləyir. Bu mənada mən ölkəni mətbuat azadlığının səviyyəsini, ümumilikdə, cəmiyyətin azadlıq indeksini aşağı göstərmək istəyənlərlə barışmıram.
Mənim vaxtım başa çatır. Ötən dəfə bununla bağlı təkliflərim oldu. Bu yöndə Avropa Şurasının təkcə Azərbaycana yox, ümumiyyətlə, Avropa Şurası məkanına tövsiyəsi ondan ibarətdir ki, biz mətbuata təhqir hüququnu verək. Əsaslandıra bilməyəcəyəm. Çünki vaxtım başa çatdı.
Sədrlik edən. Sağ olun. Biz qısaca müzakirələr keçirdik. O ki qaldı ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında qərar layihəsinə, mən vaxtı ilə Milli Məclisdə məsələ qaldırılanda dedim ki, bu məsələ haqqında artıq müraciət olunub. Bu, təşəbbüs yox, artıq qərar layihəsi şəklində Milli Məclisə daxil olub. Biz bunu komissiyaya göndərmişik. Sabah komissiyada bu məsələyə baxılacaq. İstənilən millət vəkili bu müzakirədə iştirak eləyə bilər.
Bizim bəzi millət vəkillərini Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı məsələlər narahat eləyir. Nümayəndə heyətinin bir neçə dəfə televiziyada Dəyirmi masa keçirməsinə baxmayaraq, indi Milli Məclisə də məlumat vermək lazımdır. Biz o haqda da fikirləşmişik. Səməd Seyidov yoxdur. Mən xahiş edərdim ki, Əli Hüseynov Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası barədə qısa arayış versin. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Bildiyiniz kimi, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyəti Səməd Seyidovun rəhbərliyi ilə 2007-ci il aprelin 16-20-də Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak etmişdir. Avropa Şurası Parlament Assambleyasının növbəti yaz sessiyasının ilk günündə Assambleyanın Bürosunun iclası keçirilmiş və aprel sessiyasının gündəliyi düzəlişlərlə təqdim edilmişdir. Qeyd etməliyəm ki, yaz sessiyasının ilk iclası komitə iclasları ilə başlamışdır. Monitorinq komitəsinin iclasında Azərbaycan tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məruzəçilər Andreas Herkel və Toni Loyd Azərbaycan nümayəndə heyəti və digər parlamentarilər tərəfindən təklif edilmiş düzəlişlərə münasibət bildirmişlər. Eyni zamanda, onlar öz düzəlişlərini də təqdim etmişlər. Sonra sessiya öz işinə başlamışdır.
Bildiyiniz kimi, sessiyanın gündəliyində ilk məsələ Azərbaycanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı idi. Öncə məruzəçilər çıxış etmişlər. Bundan sonra Avropa Şurası Parlament Assambleyasının müxtəlif ölkələrindən olan deputatları, habelə bizim nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Gültəkin xanım Hacıyeva, Qənirə xanım Paşayeva, Rafael Hüseynov və mən çıxış edərək həmin məruzəyə münasibətimizi bildirdik. Qeyd etməliyəm ki, bütövlükdə məruzənin ruhu Azərbaycanda gedən prosesləri, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunarkən öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələləri əks etdirirdi. Məruzədəki bir sıra tənqidi məqamlara Azərbaycan nümayəndə heyəti iclaslarda öz fikirlərini, daha doğrusu, etirazlarını bildirdi. Bəzi tənqidi məqamlar öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi. Onları biz qeyd etmişik və nəzərə alırıq. Amma bir daha qeyd etmək istəyirəm ki, bütövlükdə məruzənin ruhu çox normal olub. Dağlıq Qarabağla bağlı məsələdə Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alındığına görə biz məruzəyə müsbət münasibətimizi bildirmişik.
Qeyd etmək istəyirəm ki, müzakirələr bitdikdən sonra düzəlişlər müzakirə olundu. Azərbaycan nümayəndə heyəti 13 düzəliş təklif etmişdi. Bunlardan 9-u qəbul olundu. Ermənistan tərəfi isə 2 düzəliş təklif etmişdir. Qeyd etməliyəm ki, Ermənistan tərəfi məruzə layihəsinin 9.2-ci bəndində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” ifadəsindən “Azərbaycan Respublikası” sözlərinin çıxarılmasını təklif eləmişdi. Qeyd etdiyim kimi, monitorinq komitəsində bu təklifin əleyhinə çıxışlar oldu. Yalnız Ermənistan nümayəndə heyətinin üzvləri bunun lehinə səs verdilər. Parlament Assambleyasının plenar iclasında da bu məsələ səsə qoyuldu və hesab edirəm ki, Azərbaycan üçün çox mühüm qərar qəbul olundu. Həmin düzəliş qəbul olunmadı. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” ifadəsi məruzədə öz əksini tapdı. Təbii ki, bu bizim üçün çox prinsipial bir məsələ idi. Ona görə də müəyyən tənqidi məqamlara baxmayaraq, bizim nümayəndə heyəti bütövlükdə məruzənin lehinə səs verdi. Yəni onlarla həmrəy olduğumuzu bildirdik. Elə həmin gün Qənirə Paşayevanın Şuşanın işğalının 15-ci ildönümü ilə bağlı Avropa Şurasının Nazirlər Kabinetinə ünvanladığı yazılı sualı da dərc olunmuşdur. Mən məruzə ilə bağlı digər məqamlara da qayıdacağam. Amma istərdim, öncə nümayəndə heyətinin fəaliyyəti ilə bağlı qısaca məlumat verim.
Sessiyanın ikinci günü, yəni aprelin 17-də komitə iclasları keçirildi. Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında Ermənistan, Azərbaycan və Gürcüstanda itkin düşmüş şəxslərlə bağlı məruzədə məruzəçinin özü tərəfindən təklif olunmuş düzəlişlər qəbul olundu. Dağlıq Qarabağa dair 14-16 saylı qətnamənin həyata keçirilməsi üzrə xüsusi komitənin iclasında isə Ermənistan tərəfi iştirak etməmişdir. Onlar gəlməmişdilər. İclasda komitənin sədri Lord Rassel Conston bölgəyə nəzərdə tutulan razılaşdırılmış səfərinin tarixi və proqramı barədə qərara gəlməkdən ötrü nəzərdə tutulan görüşü təxirə salmışdır. Yalnız Azərbaycan tərəfinin iştirak etdiyi görüşdə Lord Rassel Conston komitənin gələcək fəaliyyəti barədə məlumat verdi.
Günün ikinci yarısında San-Marinonun xarici işlər naziri, Nazirlər Komitəsinin sədri cənab Stolsi tərəfindən Nazirlər Komitəsinin adından Parlament Assambleyasına məlumat təqdim olunması davam etdirildi.
Həmin gün nümayəndə heyətinin üzvü Qənirə xanım Paşayeva separatçı rejimin iyun ayının 19-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “prezident seçkilərinə” hazırlaşmasına Nazirlər Kabinetinin münasibət bildirməsi ilə bağlı sual ünvanladı. Eyni zamanda, nümayəndə heyətinin üzvü Rafael Hüseynov İrana ABŞ tərəfindən gözlənilən hücum zamanı bu ölkənin mədəni irs abidələrinin məhv olmasının qarşısının alınması ilə bağlı Avropa Şurasının görə biləcəyi tədbirlərlə bağlı sual ünvanlamışdı.
Sessiyanın üçüncü günü, yəni aprelin 18-də Avropada insan hüquqlarının və Avropada demokratiyanın vəziyyəti ilə bağlı müzakirələr keçirildi. Bunlar çox maraqlı müzakirələr idi. Avropa Şurasına üzv olan bir çox ölkələrdə insan hüquqları və demokratiyanın vəziyyəti ilə bağlı çıxışlar oldu. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov demokratiya ilə bağlı fikirlərini söylədi. O qeyd etdi ki, ikili standartlar yolverilməzdir. Avropa Şurasının praktikasında Azərbaycanı misal çəkdi. Qeyd olundu ki, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Təbii ki, ikili standartlar olmamalıdır. Həm Azərbaycana, həm də Ermənistana eyni yanaşma olmalıdır.
Sessiyanın dördüncü günü, yəni aprelin 19-da komitə iclasları davam etdirildi. Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında nümayəndə heyətinin üzvü Gültəkin xanım Hacıyevanın beynəlxalq miqrasiya təşkilatının fəaliyyəti üzrə məruzə layihəsi müzakirə edilmişdir. Məsələyə iyun sessiyasında qayıtmaq qərara alınmışdır. Eyni zamanda, Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin iclasında Gültəkin xanım Hacıyevanın məruzəçisi olduğu Passat işi üzrə məlumat memorandumu müzakirə olunmuşdur. Qərara alınmışdır ki, cari ilin payızında Gültəkin xanıma Moldovaya səfər etmək səlahiyyəti verilsin.
Günün ikinci yarısında komitə iclasları keçirilmiş, insan hüquqları üzrə altı komitənin iclasında Azərbaycan, Litva, İtaliya, Belçika, Serbiya, Çernoqoriyada işgəncələrə qarşı Avropa Komitəsinin irəli sürdüyü namizədlərin siyahısı, eyni zamanda, alt komitənin tövsiyələri müzakirə olunmuşdur. Bunları qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, sessiyanın işində Azərbaycan nümayəndə heyəti fəal iştirak etmişdir. Yəni təkcə Azərbaycana dair məruzə ətrafında yox, bütövlükdə Avropada demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı digər məsələlərdə də fəal iştirak etmişlər.
İndi icazə versəniz, Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bir neçə məsələyə qayıtmaq istərdim. Biz qeyd etdik ki, burada bir sıra tənqidi məqamlar öz əksini tapmışdı. Belə ki, biz onlarla razı deyildik. Misal üçün, məruzədə belə fikirlər əks olunub ki, Azərbaycanda korrupsiyanın səviyyəsi artır. Mən hesab edirəm ki, məruzəçilər ziddiyyətli fikirlərə yol verirlər. Niyə? Çünki bir tərəfdən qeyd olunurdu ki, Azərbaycanda korrupsiyanın səviyyəsi artır. Amma hesab edirəm ki, əksinə, ən yüksək səviyyədə, nazirlər səviyyəsində korrupsiyada ittiham olunan şəxslərin, yəni sabiq səhiyyə nazirinin, sabiq iqtisadi inkişaf nazirinin həbsi, onlarla bağlı məhkəmə prosesləri Azərbaycanda korrupsiyaya qarşı həyata keçirilən siyasi iradənin nəticəsidir və korrupsiyaya qarşı mübarizənin güclənməsi ilə bağlıdır.
Təbii ki, məruzədə, ümumiyyətlə, Avropa Şurasında tənqidi fikirlər olur. Biz buna dözümlə yanaşırıq. Sadəcə, mən parlamentə məlumat vermək istəyirəm ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, Azərbaycanın qeyri-hökumət təşkilatlarının və beynəlxalq ekspertlərin iştirakı ilə “Avropa” mehmanxanasında korrupsiyaya qarşı 2007-2010-cu illəri əhatə edən yeni milli strategiya ictimai müzakirəyə təqdim olunmuşdu. Mən hesab edirəm ki, gələcək məruzələrdə Azərbaycanda həm korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən qanunvericilik işləri, həm də praktik işlər öz əksini tapacaqdır.
Həmkarım Cəmil müəllimin qeyd etdiyi kimi, digər məsələ məhkəmə islahatları ilə bağlıdır. Qeyd etməliyəm ki, Azərbaycanda həyata keçirilən məhkəmə islahatları məruzədə müsbət qeyd olunmuşdur. Xüsusən, son dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən işlər, hakimlərin şəffaf seçki prosesi müsbət məqam kimi qeyd olunmuşdur.
Tənqidi məqamlardan biri parlamentin amnistiya ilə bağlı konkret addımlar atmaması ilə bağlı idi. Amma artıq bilirsiniz ki, parlamentin gündəliyinə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən artıq Amnistiya haqqında qərar layihəsi təqdim olunmuşdur. Hesab edirəm ki, bu tənqidi məqam da artıq müsbət həllini tapıb.
Məruzədə ANS televiziya şirkətinə lisenziyanın verilməməsi ilə bağlı tənqidi fikirlər olmuşdur. Amma məlumatlısınız ki, bu günlərdə ANS şirkətinin lisenziya məsələsi öz həllini tapmışdır. Bir sıra tənqidi fikirlər birbaşa parlamentin fəaliyyətinə aiddir. Bunlar Alternativ xidmət haqqında qanun qəbul olunmaması ilə bağlıdır. Bizim həmkarlarımız, bəzi millət vəkilləri düşünürlər ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanı tənqid edir. Mən elə bilirəm ki, çox real addımlar atmaq olar. Yəni Alternativ xidmət haqqında qanunu qəbul etmək mümkündür. Düşünürəm ki, burada biz həmrəy olmalıyıq. Çünki tənqid təkcə Azərbaycan hökumətinə aid olmur. Tənqid bütövlükdə parlamentə də, qanunvericiliklə bağlı götürdüyümüz öhdəliklərə də aid ola bilər. Ona görə də mən həmkarlarımı bu qanunun qəbul olunmasında iradə nümayiş etdirməyə dəvət edirəm.
Cənab Sədr, son olaraq demək istəyirəm ki, razılaşmadığımız müəyyən tənqidi fikirlərə biz dözümlə yanaşırıq. Təbii ki, bu məsələlərdən nəticə çıxarmaq lazımdır. Amma qeyd etdiyim bir sıra məqamlar var ki, biz onunla razı olmamışıq. Komitədə bu fikirlərimizi açıq bildirmişik və yenə də öz fikrimizdə qalırıq. Hesab edirəm ki, heç də həmişə bu tənqidi fikirlərə etiraz etməyə dəyməz. Çünki bütövlükdə Avropa Şurasında müzakirəyə çıxarılan məsələlərdə tənqidi məqamlar olur və bunlar bizi narahat etmir. Mən hesab edirəm ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri davamlı olaraq yerinə yetirir. Azərbaycanda demokratikləşmə prosesi sürətlə gedir. Hesab edirəm ki, Azərbaycanın özünün kifayət qədər siyasi iradəsi mövcuddur ki, Avropaya inteqrasiya sahəsində işləri uğurla davam etdirsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, ətraflı hesabat oldu. Biz müzakirə eləmirdik. Mən dedim ki, Avropa Şurasındakı nümayəndə heyəti hesabat versin.
Biz indi gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Cənab Sədr, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinə cənab Prezident tərəfindən iki dəyişiklik təklif olunmuşdur. Həmin dəyişikliklər mahiyyət etibarı ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər və əlavələrlə bağlıdır. Təklif olunur ki, 227-ci maddədə az miqdarda vergilərdən yayınmaq məqsədi ilə vergi deklarasiyalarının ödənilməsi ilə bağlı sənədlərin təqdim edilməsi qaydalarının pozulması inzibati xəta hesab olunsun. Hesab edirəm ki, bu çox düzgün məsələdir.
Eyni zamanda, təklif olunur ki, Məcəllədən “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” adlanan 252-ci maddə çıxarılsın. Bilirsiniz ki, biz bu məsələni müzakirə etdik. Vergi Məcəlləsində bu məsələ öz əksini tapdığına görə iki dəfə bunun qanunvericilikdə təkrarlanması məqsədəuyğun deyil. Ona görə də İnzibati Xətalar Məcəlləsindən bu maddənin çıxarılması təklif olunur. Amma bu məsələ Vergi Məcəlləsi ilə tənzimlənir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E. Axundova. İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələr qabaq müzakirə olunmuşdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Əli müəllim geniş məlumat verdi. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bu dəyişikliklər cənab Prezidentin imzası ilə daxil olmuşdur. Həmin dəyişikliklər Məcəllənin sistemli işləməsini, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının tətbiqi işini bir qədər yüngülləşdirir. Burada qeyd olunduğu kimi, vergilərin və digər inzibati ödənişlərin hesablanması və ödənməsi ilə bağlı sənədlərin təqdim edilməsi qaydalarına edilən əlavələr və düzəlişlər, məncə, məqsədəuyğundur. O ki qaldı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, Əli müəllim çox düzgün qeyd etdi ki, bu, təkrarçılığa gətirib çıxarır. Ona görə də həmin maddənin çıxarılmasını mən də məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Bizdə əvvəllər minimum əmək haqqı 5 min 500 manat idi. Yəni köhnə pulla. O zaman sanksiyanın miqdarı hesablananda bu çox böyük vəsait eləmirdi. İndi belə çıxır ki, bu yeni dəyişikliklərdən sonra müfaviq icra hakimiyyəti orqanlarına sənədlər vaxtında təqdim edilməsə, 3 min yeni Azərbaycan manatına qədər cərimə nəzərdə tutulur. Bir tərəfdən Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda işgüzar mühitin yaxşılaşdırılması istiqamətində fərmanlar imzalayır və Azərbaycan hökuməti bəyan edir ki, biz bu istiqamətdə fəaliyyət göstəririk. Digər tərəfdən belə ağır sanksiyaların saxlanması sui-istifadə hallarına yol aça bilər. Biz bu məsələyə yenidən baxsaq, yaxşı olardı. Burada sanksiyanı yüngülləşdirmək lazımdır. Yəni vaxtında sənəd təqdim etməməyə görə bu qədər yüksək cərimənin nəzərdə tutulması məqsədəmüvafiq deyil. Ya da minimum əmək haqqını şərti maliyyə vahidi ilə əvəzləyək. Yəni əvvəlki kimi təqribən 5 min 500 manat nəzərdə tutulsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, bu məsələyə aydınlıq gətirin.
Ə. Hüseynov. Cənab Sədr, hər halda məndə olan məlumata görə, bu, minimum əmək haqqı yox, şərti maliyyə vahididir. Biz düzəliş etmişik və o elə də tətbiq olunmalıdır.
Sədrlik edən. Oldu. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Gündəliyin 2-ci məsələsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqındadır. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsində “müvafiq icra hakimiyyəti orqanının maddi həvəsləndirmə və inkişaf fondu hesabına həyata keçirilir” sözlərinin “vergi orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir” sözləri ilə əvəz edilməsi təklif olunur. Komissiyada müzakirə olunmuşdur. Xahiş edirəm, müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Texniki dəyişiklikdir. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Bu məsələyə 5 komissiyanın iclasında baxılmışdır. Əvvəlcə Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli buyursun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu, iki məcəlləyə və bir Qanuna dəyişikliklər edilməsi ilə bağlı layihədir. Bizim komissiyada Mənzil Məcəlləsinə edilən dəyişikliklər və əlavələr müzakirə olunub. Əslində, bu, Qanunun yaradıcılıq texnikası baxımından olan düzəlişdir. Məcəllədə “SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi əsaslarına” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə”, eyni zamanda, “SSR Nazirlər Soveti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. Hər iki maddədə buna oxşar dəyişikliklərdir. Biz hesab edirik ki, texniki dəyişiklik olduğundan buna səs vermək olar. Bizim komissiyamız buna səs veribdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Bizim komissiyada da Mənzil Məcəlləsi ilə bağlı məsələ müzakirə olunub. Hesab edirik ki, texniki məsələ olsa da, bu düzəlişi etmək lazımdır. Həmkarlarımızı buna səs verməyə dəvət edirik.
Sədrlik edən. Digər komissiyaların əlavələri yoxdur ki? Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir (ikinci oxunuş). Bu məsələyə 3 komissiyada baxılıb. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirənizə təqdim olunub. Birinci oxunuşdan keçən müddət ərzində qanun layihəsinin üzərində ciddi iş aparılıb. Hörmətli millət vəkillərimizin iradları, tövsiyələri, təklifləri yeni layihədə öz əksini tapıb. Doğrudan da, ədalət naminə deyək ki, kifayət qədər tövsiyələr vardı. Bunların hər biri qanun layihəsini mükəmməl bir sənəd kimi sizə təqdim etməyə imkan verib.
İlk növbədə onu deyim ki, qanun layihəsi 8 maddədən ibarətdir. İradlar, əsasən, preambula hissəsinə aiddir. Doğrudan da, preambula hissəsində olan dəqiqləşmə haqqında onu demək olar ki, yeni variant qanunun mahiyyətinin tam açılmasına imkan verir. Belə ki, ilk variantda “Cəmiyyət və onun yaratdığı təşkilatlar dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətlərin xüsusiyyətlərini müəyyən edir” ifadəsi qanun layihəsinin mahiyyətini tam əhatə etmədiyinə görə “Cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir” sözləri ilə əvəzlənib. Zənnimcə, bu preambula qanunun məzmununu və mahiyyətini daha dəqiq ifadə edir.
Maddə 1. Doğrudan da, maddənin adı hörmətli həmkarlarımın iradına səbəb olmuşdu. Əvvəlki variantda “Azərbaycan Qızıl Aypara Cəmiyyəti anlayışı” adlanırdı. İkinci oxunuşda “Cəmiyyətin statusu” ifadəsi ilə əvəz olunub və burada bəndlər azaldılıb, təkrarlar aradan qaldırılıb. Konkret olaraq bildirilir ki, cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır. Ancaq bu qeyri-hökumət təşkilatını bu gün Azərbaycanda fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarından fərqləndirən xüsusiyyətlər 1.2-ci maddədə öz əksini tapıb. Burada dəqiq göstərilir ki, cəmiyyət beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə milli təşkilatdır.
Bundan savayı, bu təşkilatın özəlliyi həm də ondadır ki, başqalarından fərqli olaraq, fəlakət baş verdiyi halda cəmiyyət öz fəaliyyətini əlavə icazə olmadan birbaşa həyata keçirə bilər. Nəhayət, digər bir xüsusiyyət. Bu təşkilat “Qırmızı Xaç və Qırmızı Aypara emblemindən istifadə və onların müdafiəsi haqqında” Qanunla öz fəaliyyətini həyata keçirir.
Maddə 2. Burada yenə ad dəyişdirilib. Əvvəlki variantda həmin maddə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanunvericilik” adlanırdı. Bu, həmin məzmunu əhatə etmədiyinə görə ikinci variantda “Cəmiyyətin fəaliyyətinin hüquqi əsasları” adlanır. Sözsüz ki, cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Müharibə qurbanlarının müdafiəsi haqqında Konvensiya (həmin Konvensiya 1949-cu il 12 avqustda Cenevrədə imzalanıb və Azərbaycan Respublikası bu Konvensiyanı 21 aprel 1993-cü ildə ratifikasiya edib), həmçinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nizamnaməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Nizamnaməsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də cəmiyyətin Nizamnaməsi təşkil edir.
Maddə 3 “Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri” adlanır. Bu maddə 19 bənddən ibarətdir. Bu bəndlərin hər birində olan müddəalar cəmiyyətin fəaliyyətini əks etdirir. Bu fəaliyyət isə yüksək humanizm, insanpərvərlik prinsiplərinə əsaslanır. Hər maddəni, hər bəndi oxuduqca hiss edirsən ki, burada fəaliyyət göstərən insanlar mənəvi dəyərləri özləri üçün əqidə simvoluna çeviriblər. İstər silahlı münaqişə, istərsə də təbii fəlakət zamanı həmin insanların yanında olmaq, yaralanmış insanlara yardım göstərmək, həlak olmuş şəxslərin axtarışını həyata keçirmək və digər fəaliyyətləri yerinə yetirmək böyük məsuliyyətdir, ağır bir işdir. Ancaq şərəfli bir işdir.
Hər bənd, konkret olaraq, cəmiyyətin həyata keçirdiyi vəzifələri özündə ehtiva edir. Bu, konkret işdir. Bu maddədə həmçinin tibbi sosial yardım göstərilməsi, humanitar yardımların paylanması, təlimatçıların hazırlanması, aztəminatlı ailələrə yardım göstərilməsi kimi müddəalar öz əksini tapmışdır. Üçüncü maddənin hər bəndini oxumaq kifayətdir ki, sosial qayğıların böyük bir hissəsinin cəmiyyət üzvlərinin çiyinlərinə düşdüyünün şahidi olasan.
4-cü maddə “Cəmiyyətin hüquqları” adlanır. Sözsüz ki, qanunvericilikdə qeyri-hökümət təşkilatları üçün nəzərdə tutulmuş bütün hüquqlardan cəmiyyətin istifadə etmək imkanı var. Cəmiyyətin hüquqları hansılardır? Birincisi, dövlət və yerli özünüidarə orqanları ilə birgə fəaliyyət göstərmək, humanitar və xeyriyyə xarakterli kütləvi tədbirlərin təşkilində və keçirilməsində iştirak etmək, dövlət orqanları ilə müqavilələr bağlamaq, qeyri-dövlət təcili yardım xidmətini, qeyri-dövlət axtarış xidmətini yaratmaq, fondlar və müəssisələr təsis etmək və s.
Əvvəlki variantda olan 4.0.3-cü bənd çıxarılıb. Yəni əvvəlki variantda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyəti haqqında məlumat yaymaq, cəmiyyətin ideya və vəzifələrini təbliğ etmək, dövlət və yerli hakimiyyət orqanlarından bu Qanunla və cəmiyyətin Nizamnaməsində nəzərdə tutulan məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün zəruri dəstək olmaq kimi məqamlar təkrarlandığına görə çıxarılıb. Ümumiyyətlə, 4-cü maddə yeni redaksiyada verilib. Müqayisəli təhlil bu variantın daha təkmil olduğunu göstərir.
Maddə 5. Belə bir böyük məsuliyyəti boynuna götürən cəmiyyətin maliyyə mənbələri olmalıdır. Təsadüfi deyil ki, hörmətli həmkarlarımın təklifi ilə 5-ci maddə əlavə olunub. Mən cəmiyyətin maliyyə mənbələrini diqqətinizə çatdırmaq və komissiyanın nəzərdə tutduğu yeni bir dəyişikliyi səsləndirmək istəyirəm. Birincisi, üzvlük haqlarıdır. Açığını deyim ki, cəmiyyətin üzvlük haqları həddindən artıq kiçik bir məbləğdir. Yəni ildə 1 manatdır.
İkincisi, əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə edilən gəlirdir. Düzdür, təşkilatın bu saat elə bir əmlakı yoxdur. Amma ümid edirik ki, gələcəkdə hansısa bir yaşayış sahəsi verilərsə, əldə olunan gəlirlər bilavasitə ağır vəziyyətdə olan insanların ehtiyaclarına xərclənəcək. Kütləvi tədbirlərin keçirilməsindən, nəşrlərin və kitabların satışından əldə edilən gəlir, həmçinin ianələr maliyyə mənbəyi rolunu oynaya bilər. Azərbaycanda ianə institutu formalaşsa yaxşı olardı.
Sizdə olan sənəddə, yəni 5.0.6-cı maddədə belə bir məqam var: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlər”. Məsələ ondadır ki, bu gün milli cəmiyyət beynəlxalq əməkdaşlığa malikdir və o, Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasından, Beynəlxalq Qızıl Xaç Komitəsindən, həmçinin digər beynəlxalq təşkilatlardan yardım ala bilər. Əgər qanun layihəsində bu məqamlar əksini tapmayıbsa, deməli, onların həmin beynəlxalq təşkilatlardan yardım almaq imkanı məhdudlaşır. Düzdür, bu məqamlar sənəddə öz əksini tapmayıb. Ancaq mən millət vəkillərindən xahiş edərdim ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan humanitar yardımın qəbul edilməsi ilə bağlı maddənin bura salınmasına səs versinlər. Çünki biz humanitar yardımın hara ünvanlanacağını çox gözəl bilirik.
Cəmiyyətin beynəlxalq əməkdaşlığı haqqında danışarkən qeyd etməliyik ki, o, yarandığı gündən beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb, 1995-ci il noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınıb, 1995-ci il noyabrın 26-da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvü seçilib. 2001-ci ilin dekabrında cəmiyyətin prezidenti Novruz Aslan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının Fövqəladə hallara hazırlıq və yardım komissiyasına ekspert təyin olunub.
2005-ci il mayın 2-də cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatina layiq görülüb. 2005-ci ildə Seulda keçirilən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Baş Məclisində cəmiyyət Beynəlxalq Federasiyanın İdarəetmə Şurasının Təşkilatı İnkişaf Komissiyasının üzvü seçilmişdir. Bunları səsləndirməkdə məqsədim odur ki, bu gün dünyada mövcud olan 185 milli cəmiyyət içərisində öz yeri olan bir cəmiyyətimiz var. Hesab edirəm ki, bu qanun layihəsi qəbul edildikdən sonra beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün şərait yaranacaq. Saydığım bu müddəalar, məqamlar beynəlxalq etirafın ifadəsidir.
Maddə 7 “Cəmiyyətin fəaliyyətinin dövlət orqanları tərəfindən dəstəklənməsi” adlanır. Bu gün cəmiyyətin 7 regional mərkəzi, 85 yerli komitəsi var. Bu gün Azərbaycanda fəaliyyət göstərən heç bir qeyri-hökumət təşkilatının bu qədər üzvü və könüllüsü yoxdur. İnsansevərlik, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət və universallıq kimi prinsipləri öz fəaliyyətində rəhbər tutan bu qurum Azərbaycanın ictimai həyatında əhəmiyyətli rola malikdir. Bu gün bu quruma dövlət yardımının olmasının böyük əhəmiyyəti var.
Bir cəhəti də deyim. Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına üzvlük haqqı ödəyir. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi var. Cəmiyyətin baş qərargahında, regional mərkəzlərində, ərazi komitələrində çalışan könüllü insanlara əmək haqqı verilməlidir. İldə 1 manat üzvlük haqqı ilə bunu yerinə yetirmək, həmçinin qarşıya qoyulan məqsədi həyata keçirmək olmaz. Ona görə də bu işçilərin əmək haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə ehtiyac var. Bu məqsəd üçün vəsaitin məbləği hər il Azərbaycan Respublikasının dövlət büdcəsindən müəyyən edilməlidir.
Digər bir cəhət. Doğrudan da, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi üçün müəyyən qeyri-yaşayış sahəsinin verilməsi problemi movcuddur. Hətta bizim Qeyri-hökumət təşkilatları forumunun da yeri yoxdur. Bu o deməkdir ki, bunların fəaliyyət göstərməsi çox çətindir. Hesab edirəm ki, qeyri-hökumət təşkilatlarına xüsusi münasibət bəslənilməlidir. Bəlkə biz bu gözəl ənənəni bu gündən başlayaq. Bu cəmiyyətə fəaliyyət göstərmək üçün qeyri-yaşayış sahəsinin verilməsinə böyük ehtiyac var. Bu məqamlar qanun layihəsində əksini tapdıqdan sonra digərlərinin də üzünə qapılar açılacaq.
Bu gün cəmiyyətin fəaliyyəti üçün vergi və gömrük rüsumları ilə, habelə digər məcburi ödənişlərlə bağlı güzəştləri də bura şamil etməliyik. Bu cəmiyyətin məqsədi ülvi məqsəddir. Bu məqsədin gerçəkləşməsi üçün mən öz həmkarlarımı ikinci oxunuşda bu qanun layihəsinin qəbul edilməsinə səs verməyə çağırıram. İnanıram ki, bu belə də olacaq. Bu, ikinci oxunuşdur. Yəqin ki, sizin deməyə sözünüz, tövsiyələriniz olacaq.
May ayının 8-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bayramıdır. Biz bunu ikinci oxunuşdan keçirdikdən sonra həmin gün qəbul etsək, beynəlxalq ictimaiyyətə çatdıracağıq ki, Azərbaycan Respublikasının Milli Məclisi yüksək prinsiplərə sadiqliyini, sədaqətini nümayiş etdirir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Minnətdaram. Bu layihə bizim komissiyada müzakirə olunub. Mən məlumat vermək istəyirəm ki, bu qurum Azərbaycanın münaqişəyə sürükləndiyi dövrdən çox əvvəl tarixi olan bir qurumdur. Amma münaqişə baş verən dövrlərdə o çox böyük fəaliyyət göstərib. Bu gün də böyük beynəlxalq nüfuzu olan bir qurumdur. Bu qurum haqqında xüsusi bir qanunun qəbul edilməsi ideyası çoxdan var idi. Bu ideya bir neçə dəfə ortaya çıxmışdı. Komissiyamızda 5 il öncə müzakirə olunmuşdu.
Biz möhtərəm Prezidentimizə minnətdarıq ki, nəhayət, onun imzası ilə bu layihə parlamentə daxil olub. Bizim komissiyada da bu layihə geniş müzakirə olunub, çoxlu məsələlər öz əksini tapıb. Burada 2 məqama xüsusi diqqət yetirmək istəyirəm. Birinci məqam ondan ibarətdir ki, ən vacib şərtlərdən biri cəmiyyətin maliyyə mənbələrinin formalaşmasıdır, müəyyənləşməsidir. Bu gün burada dedilər ki, üzvlük haqqı o qədər azdır ki, hətta əmək haqqı verməyə belə çatmır. Burada büdcənin köməyindən, əmək haqqının ödənilməsindən söhbət etdik.
Bu gün Milli Məclis Aparatının müvafiq şöbəsi ilə Sosial sifarişlər haqqında qanun layihəsi hazırlayırıq. Siz bilirsiniz ki, uzun müddətdir, qeyri-hökumət təşkilatlarına qrantların verilməsi ilə bağlı çoxlu söz-söhbətlər gəzir, beynəlxalq təşkilatlar qrant verirlər. Ona görə biz belə bir qanun layihəsi hazırlamışıq ki, büdcənin vəsaitlərindən də bu və ya digər formada qeyri-hökumət təşkilatları üçün istifadə etmək imkanları artsın.
Biz 5.0.6-cı maddəyə diqqət yetirək. Burada yazılıb: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlər”. Əslində, bizim “Qeyri-hökumət təşkilatları haqqında” Qanunda bu qurumların biznes fəaliyyəti ilə məşğul olmasına imkan vermişik. Yalnız gəlirlərdən bu məqsədlər üçün istifadə edilməsi şərti ilə. 5-ci maddədə və ya hansısa başqa maddədə ehtiva edə bilərik ki, Qızıl Ayparanın maliyyə imkanları bir az da artsın. Əslində, bu məqam “Qeyri-hökumət təşkilatları haqqında” Qanunda artıq mövcuddur.
Digər məsələ. Bu gün Rəbiyyət xanım da söylədi. Mayın 8-də Qızıl Ayparanın yubileyidir. Ona görə də xahiş edərdim ki, üçüncü oxunuş üçün bu layihə mayın 8-də keçiriləcək iclasın gündəliyinə salınsın. Biz də çalışacağıq ki, burada söylənən fikirlər qanun layihəsində əksini tapsın. Mayın 8-də üçüncü oxunuşda bu qanunu qəbul edək, necə deyərlər, həmin təşkilata hədiyyə edək. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Biz komissiyaların birgə iclasında bu qanun layihəsini müzakirə etmişik. Müzakirələr zamanı həm redaktə xarakterli, həm də mahiyyət baxımından çox vacib düzəlişlər olundu. Qanunun adı ilə bağlı artıq burada fikir söyləndi. Hesab edirəm ki, qanun layihəsi ikinci oxunuşa hazırdır və qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 3 komissiya sədri çıxış etdi. Bu, qanun layihəsinin ikinci oxunuşudur. Ona görə də onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun. Əsas kimi qəbul edildi. Qanun layihəsinin müzakirəsinə keçirik. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsinin qəbul edilməsi çox diqqətəlayiq bir haldır. Ona görə ki, biz bu layihəni bir dəfə də müzakirə etmişdik. Amma öz həllini tapmamışdır. Ancaq indi çox mükəmməl şəkildə işlənib və belə bir qanun layihəsinin qəbul edilməsi vacibdir.
Burada bir məsələ sual doğurur. Bu, cəmiyyətin maliyyə mənbələri ilə bağlıdır. Burada məlum oldu ki, üzvlük haqqı cüzi şəkildədir. Ona görə də bunun maliyyələşməsi nisbətən aşağıdır. Təbii ki, dövlət yardım göstərir, ianələr toplanır. Beləliklə, Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərə bilir. Ancaq burada 5.0.2-ci maddədə belə bir bənd var: “Əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə edilən gəlir”. Bu hansı əmlakdır ki, onu icarəyə vermək mümkün olsun? Bəlkə də mümkündür. Cəmiyyətə verilən əmlakın müəyyən hissəsini icarəyə verib ondan müəyyən mənfəət götürülə bilər. Bunun hansı əmlakı var? Ona görə də “satılma” sözü burada yerinə düşməyib. Bu artıq ifadədir. Sualım bu idi. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Rəbiyyət xanım, suallarım nədən ibarətdir? Birincisi, burada yazılıb: “Bu Qanun Azərbaycan Qızıl Aypara Cəmiyyətinin statusunu, hüquqlarını və fəaliyyət istiqamətlərini, cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir”. Dövlət orqanları yerli də ola bilər, mərkəzi də ola bilər. Bunu başa düşdük. Niyə yerli özünüidarə orqanlarını məhdudlaşdırırsınız? Yerli olmayan özünüidarə orqanı ilə cəmiyyət münasibət qura bilməz? Onlardan yardım ala bilməz? “Yerli” sözünü çıxarsanız, nə olar?
Bundan başqa, mətndən görünür ki, bu cəmiyyət beynəlxalq təşkilatlarla, qurumlarla, fondlarla münasibət quracaq. Burada niyə yazılmır ki, dövlət özünüidarə orqanları və ya müvafiq beynəlxalq təşkilatlar? Əgər bu qanun cəmiyyətin kimlərləsə münasibətinin əsasını qurursa, onda gərək “yerli” sözü çıxarılsın, “müvafiq beynəlxalq təşkilatlar” sözləri əlavə edilsin.
İkinci sualım. 1.1-ci maddə də yazılıb: “cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə humanitar, tibbi, sosial və digər yardım göstərmək... məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır”. Əgər silahlı münaqişələr nəticəsində zərərçəkmiş şəxslər olarsa, onlara aid deyil. Yaxud fövqəladə halların qurbanlarına aid deyil. Birinci halda niyə “qurbanlarına” yazılıb, ikinci halda yalnız “zərərçəkmiş şəxslərə”? İkinci sual. Beynəlxalq humanitar hüququ izah edə bilsəniz, mən minnətdar olardım. “Humanitar” nə deməkdir? Mən bildiyimə görə “insan” deməkdir. Sağ olun.
Sədrlik edən. Rəbiyyət xanım, müzakirələri keçirək, suallara axırda cavab verərsiniz. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən hər şeydən öncə onu bildirim ki, həqiqətən, birinci oxunuşda qeyd olunan, qaldırılan əksər mühüm məsələlər ikinci oxunuşda öz əksini tapdı. Mən fürsətdən istifadə edib Rəbiyyət xanıma, bütövlükdə bu işdə əziyyəti keçən bütün komissiya üzvlərinə və digər komissiyaların rəhbərlərinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsi, həqiqətən, ölkəmiz və dövlətimiz üçün, bu şəbəkənin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, birinci oxunuşda təkliflə çıxış etdim ki, bu qanun layihəsinə cəmiyyətin maliyyə mənbəyi haqqında ayrıca maddə salınsın. Bu maddə əlavə olundu. Buna görə də qanunun müəlliflərinə təşəkkür edirəm.
Bu gün gəlir gətirməyən, humanitar sahədə fəaliyyət göstərən, imkansızların dadına yetən bir təşkilata mənbə, müəyyən resurs lazımdır ki, bu işləri görsün. Bir halda ki qanun qəbul edirik, bu təşkilata qanunvericilik statusu veririk, onda belə bir mənbənin olması çox təbiidir. Bununla yanaşı, mənə elə gəlir ki, bu maddənin bütövlükdə cilalanmasına və təkmilləşməsinə ehtiyac var. Məsələn, mən təklif edirəm ki, 5.0.3-də “kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların satışından” sonra “müxtəlif xidmət növlərindən əldə edilən gəlirlər” də əlavə olunsun. Bilirsiniz ki, hər hansı bir ictimai təşkilat, qeyri-hökumət təşkilatı müxtəlif növ xidmətlər göstərə bilər, gəlir gətirən fəaliyyətlə məşğul ola bilər və təbii ki, həmin gəliri Nizamnamənin tələblərinə uyğun xərcləyə bilər. Hesab edirəm ki, bu maddə öz yerini alsa, önəmli olardı.
Sonra, 5.0.5-ci maddədə “dövlət yardımı” sözü qeyd olunur. Mənə elə gəlir ki, “dövlət yardımı” o qədər də konkret deyil. Dövlət yardımı müxtəlif mənalarda başa düşülə bilər. Konkretləşdirməyə ehtiyac var. Təklif edirəm ki, həmin bənd aşağıdakı redaksiyada verilsin: “Dövlət tərəfindən ayrılmış qrantlar, subsidiyalar və verilmiş sifarişlər”. Bilirsiniz ki, bu gün dövlət büdcəsi tərəfindən ən müxtəlif istiqamətdə qrantlar ayrıla bilər, sifarişlər verilə bilər, subsidiyalar ayrıla bilər. Hesab edirəm ki, bu məqamlar maliyyə mənbəyi çərçivəsində əksini tapmalıdır.
5.0.6-dan əvvəl əlavə bir bəndin salınmasını təklif edərdim. Təklif edərdim ki, biz bu maliyyə mənbələri sırasında xarici donor təşkilatların, xarici fiziki və hüquqi şəxslərin, o cümlədən beynəlxalq təşkilatların da adlarını qeyd edək, onları da maliyyə mənbəyi kimi göstərək. Bu gün təəssüflər olsun ki, qeyri-hökumət təşkilatlarının yeganə maliyyə mənbəyi xaricdən daxil olan qrantlardır. Bu qrantları da müxtəlif layihə və proqramlara istiqamətləndiririk. Bu baxımdan da məhz yerinə düşən müddəa olardı. Əlavə etsək, yaxşı olardı.
Bütövlükdə layihənin səsə qoyulmasına və qəbul olunmasına tərəfdaram. Hesab edirəm ki, mükəmməl layihə halına salınıb.
Fürsətdən istifadə edib bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Bu da hörmətli Rəbiyyət xanımın bu gün qeyd etdiyi kimi, qeyri-hökumət təşkilatlarının maddi-texniki bazası ilə bağlı olan məsələdir. Xüsusi ilə mənim rəhbərlik etdiyim Milli Qeyri-hökumət Təşkilatları Forumunun ofis məsələsi ilə bağlı olan məsələdir. Açığı, bir ilə yaxındır ki, bu problemlə üz-üzə qalmışam. Millət vəkili statusundan istifadə edib bu məsələni Milli Məclis səviyyəsində qaldırmışam. Bir halda ki Rəbiyyət xanım bu problemi qaldırdı, istəyirəm, buna bir balaca mən də münasibət bildirim.
Həqiqətən, Milli QHT forumu bu gün 425 müstəqil qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən yeganə təşkilatdır. Azərbaycanda və Cənubi Qafqazda ən böyük konfederativ qurumdur. Bu qurum, əsasən, dövlətçiliyi dəstəkləyən, dövlətə, millətə daim öz imkanları və gücləri daxilində xidmət edən təşkilatlardan ibarətdir. Lakin keçən ilin sentyabrından Salatın Əsgərova, 87 ünvanda icarəyə götürdüyümüz ofis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. Lakin bunun müqabilində Mili QHT Forumu hər hansı bir ofislə təmin olunmayıb. Təsəvvür edin ki, bu gün belə bir təşkilatın inventarları dəhlizlərdə yerləşdirilib. Bizim fəaliyyətimiz iflic vəziyyətə salınıb. İstərdim ki, bu məsələyə diqqət ayrılsın.
Dəfələrlə Dövlət Əmlak Komitəsinə müraciət etməyimizə baxmayaraq, təəssüflər olsun ki, bu məsələ indiyə qədər öz həllini tapmayıb. Hesab edirəm ki, bu gün cənab Prezidentin dəfələrlə ifadə etdiyi kimi, vətəndaş cəmiyyətinin quruculuq istiqamətində gördüyü bütün işlərin fonunda QHT-nin əsas aparıcı sektoru olan bir quruma belə münasibət arzuolunan deyildir. Ona görə də fürsətdən istifadə edib bu məsələni bir daha vurğuladım. Düşünürəm ki, müasir qurumlar bu barədə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Hörmətli Sədr, hörmətli həmkarlarım! Bütün fəaliyyəti humanizmə söykənən Qızıl Aypara Cəmiyyəti haqqında ayrıca bir qanun qəbul olunmasını mən əlamətdar hadisə hesab edirəm və bu münasibətlə başda hörmətli həmkarımız Novruz müəllim olmaqla Azərbaycanın bütün “qırmızı ayparaçıları”nı təbrik edirəm. Bu qanun layihəsini dəstəkləyirəm, bunun qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da bu cür addım atmağa dəvət edirəm.
Mənim hüquqi xarakterli bir təklifim var. Qanun layihəsinin 4-cü maddəsində cəmiyyətin hüquqları sadalanır. Bu hüquqların böyük bir hissəsi birbaşa, ya da dolayısı ilə mülkiyyət hüququ ilə bağlıdır. Lakin cəmiyyətin mülkiyyət hüququna aid müddəa bu layihədə yoxdur. Düzdür, Qızıl Aypara Cəmiyyəti qeyri-hökumət təşkilatı kimi, qeyri-hökumət təşkilatının malik olduğu bütün hüquqlara malikdir. Lakin biz nəzərə alsaq ki, Qızıl Aypara Cəmiyyəti həm də hüquqi şəxsdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyət hüququna malik olması onun ayrılmaz hüququdur, hüquqi şəxsi səciyyələndirən ən mühüm əlamətdir.
Bu baxımdan nəzərə alsaq ki, bu, baza qanunudur və onun əsasında Qızıl Aypara Cəmiyyətinin yeni Nizamnaməsi qəbul olunacaq, mən təklif edərdim ki, bu cəmiyyətin mülkiyyət hüququna malik olması ayrıca müddəa kimi 4-cü maddədə əksini tapsın. Məsələn, belə bir müddəa yazmaq olar: “Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan əmlaka sahib ola bilər.” Mən hesab edirəm ki, belə bir hüququn qanun layihəsində təsbit olunması qəbul edəcəyimiz bu qanuna əlavə dolğunluq, mükəmməllik gətirər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Məlumdur ki, Qızıl Aypara Cəmiyyətinin statusu, hüquqları və fəaliyyətinin istiqamətləri, onun dövlət, yerli və özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi günümüzün reallığıdır. Ölkəmizdə uzun müddət fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin işinin beynəlxalq səviyyədə qurulmasını təmin edəcəkdir.
Qanun layihəsi lakonik formada tərtib edilməklə qanun yaradıcılığı baxımından bütün məsələləri tam əhatə edir. “Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri” adlanan 3-cü maddə çox əhatəli olmaqla, cəmiyyətin gələcəkdə öz işini xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri səviyyəsində qurmağa imkan verir. Bu məqsədlə cəmiyyətin işinin genişləndirilməsi, silahlı münaqişələr və fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə müvafiq tibbi və sosial yardımlar edilməsi nəzərdə tutulur. Cəmiyyətə dövlət yardımı və işçilərin əmək haqqının dövlət büdcəsindən ödənilməsi də əhəmiyyətlidir.
Hesab edirəm ki, cəmiyyətin öz maliyyə resurslarının formalaşdırılması vacibdir. Heç kimə sirr deyil ki, maliyyə mənbəyi olmadan qeyri-hökumət təşkilatları qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir və beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Ona görə də layihədə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin dövlət yardımının və büdcə vəsaitinin ayrılmasının əks olunması təqdirəlayiqdir. Fikrimcə, bu məqam cəmiyyətin yaxın illərdə xarici ölkələrin Qızıl Aypara cəmiyyətləri arasında layiqli yer tutacağına zəmanət verir.
Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini əks edən layihə məhz bu məqsədlərə nail olmasına yönəlmişdir. Göstərilənləri nəzərə alaraq, mən qanun layihəsinin ikinci oxunuşda qəbul olunmasına tərəfdaram və deputat həmkarlarımı da qanun layihəsinin lehinə səs verməyə çağırıram. Bununla yanaşı, qanun layihəsinin üçüncü oxunuşa hazırlanmasını nəzərə alaraq aşağıdakılara diqqət yetirmənizi xahiş edirəm.
Qanun layihəsinin 1.3-cü maddəsində göstərilir: “Cəmiyyət “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada Qızıl Aypara emblemindən istifadə edir”. Lakin həmin Qanunun 4-cü maddəsində “qızıl” yox, qırmızı aypara emblemlərinin rəngli təsviri göstərilir. Ona görə də bu məsələyə aydınlıq gətirilməsini xahiş edərdim.
Layihənin 3.0.2-ci maddəsində “şəxsləri” sözündən sonra “müəyyənləşdirilməsi”, 3.0.11-ci maddəsində “bağlı” sözündən sonra “beynəlxalq və yerli” sözlərinin, 3.0.9-cu maddəsində “iştirak” sözünün əvəzinə “təmsil etmə” sözlərinin yazılmasını təklif edərdim. Layihənin 3.1.13-cü və 4.2.4-cü maddələrində “dövlət” sözündən sonra “bələdiyyələr” və “yerli özünüidarəetmə” sözlərinin əlavə edilməsini xahiş edirəm. Bu həm də layihənin giriş hissəsinə uyğundur.
5-ci maddəyə aşağıdakı məzmunda yeni bənd əlavə edilməsi məqsədəuyğundur: “Xarici ölkələrin Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin və beynəlxalq təşkilatların yardımı”. Çünki layihənin digər maddələrində belə bir yardım nəzərdə tutulur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımı qanun layihəsinin qəbul olunmasına səs verməyə çağırıram. Qanun layihəsi hərtərəfli şəkildə hazırlanıb. Deputat həmkarlarımın dediyi fikirləri nəzərə alaraq, qanun layihəsini elə üçüncü oxunuşda qəbul eləyə bilərik. Bununla da qanun layihəsi öz işinə başlaya bilər. Layihə humanist sahəni əhatə edir. Hesab edirəm ki, humanist sahəyə həsr olunan bu layihə öz humanist addımlarını atmaq üçün vacib qanuni bazadır. Bunu qəbul etməklə biz bu məsələni birdəfəlik həll etmiş olarıq.
Digər tərəfdən deputat həmkarlarımın qeyd elədiyi kimi, qanunun adı, onun anlayışı ilə bağlı verilən ifadələr yerində olmalıdır. Çünki keçmişdə bu cür mübahisələr var idi. Doğru olaraq, “Qızıl Aypara” termininin seçilməsi yerinə düşüb. Beynəlxalq aləmdə də bu işlərin aparılması, qarşılıqlı əməkdaşlıqların formalaşması çox vacib məsələdir. Burada qeyd olundu ki, yerli özünüidarəetmə orqanları bu işə cəlb olunmalıdır. Çünki bizdə bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi formalaşıb və qanunda da öz ifadəsini tapıb.
İkinci bir məsələni hörmətli Valeh müəllim qaldırdı. Mən də bir hüquqşünas kimi qeyd edim ki, humanitar sahə beynəlxalq hüququn ən aparıcı sahəsidir. Dünyada “humanitar hüquq” termini, terminologiyası və sistemi mövcuddur və fəaliyyət göstərir. Ona görə də qanun layihəsində bunun yazılması humanitar hüquqa istinad olunan məsələdir.
Digər məsələyə də münasibətimi bildirmək istəyirəm. 3.9-cu və 3.10-cu maddələrə əlavələr edilsə, yerinə düşərdi. Burada xarici vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanılması məsələsinə toxunulur. Hesab edirəm ki, bu anlayışı daha da təkmilləşdirə bilərik. Məncə, beynəlxalq təşkilatlar mövcuddur, təbii ki, onlar humanitar yardımlar göstərə bilərlər. Amma vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərdən yardım alınması məsələsinə aydınlıq gətirilməlidir.
3.0.10-da bir termin yerində işlənilməyib. Göstərilir: “Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqınların və məcburi köçkünlərin iztirablarını yüngülləşdirməyə yönələn hüquqi yardım, psixoloji reabilitasiya və sair”. “İztirab” nədir? İztirab müxtəlif formada müxtəlif cür olur. Mənə elə gəlir ki, həmin termini oradan çıxararaq göstərə bilərik ki, qaçqın və məcburi köçkünlərə hüquqi yardım, psixoloji yardım, mənəvi yardım, peşə vərdişlərinin aşılanması və digər proqramları həyata keçirmək. Yəni biri övladını itirib, bu cür iztirab çəkir; o biri torpağını itirib, bu cür iztirab çəkir. Bunun hamısını ümumiləşdirilmiş formada apara bilərik. Ona görə də bu məsələ nəzərə alınmalıdır.
3.0.7-ci maddədə silahlı münaqişələr və fövqəladə hallar zamanı gənclərin ilk tibbi yardım göstərməsi üzrə təlimin təşkilindən söhbət gedir. Addımın özü humanist bir addımdır, çox vacibdir. Hesab edirəm ki, bunun üçün geniş baza formalaşdırılmalıdır, mütəxəssislər olmalıdır. Hətta orta məktəblərdə keçmiş hərbi təlimlərin keçirilməsi ənənəsi var idi. Silahlar yığışdırılandan sonra, demək olar ki, hərbi təlimlərlə məşğul olunmur. Əsgəri xidmətə qədər orta məktəbdə hərbi təlimin keçirilməsi zəruri şərtlərdən biridir. Əgər bu maddə salınıbsa, çox humanist bir maddədir. Amma bunun bazasının yaradılması da vacib amillərdən biridir.
Təbii ki, heç bir təşkilat maddi dəstəyi olmadan fəaliyyət göstərə bilməz. Bu mənada cəmiyyətin maddi təminatı vacib məsələdir. Hesab edirəm ki, dövlət büdcəsindən yardımların artırılması ciddi məsələdir. Buna üstünlük verməliyik.
Bir məsələyə də diqqət yetirmək istəyirəm. 5.0.3-cü maddənin açıqlaması verilsə, yaxşı olar. Burada göstərilir: “kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların çapından əldə edilən gəlirlər.” “Kütləvi tədbirlər” anlayışı geniş anlayışdır. Ona görə də “mədəni tədbirlərin keçirilməsi” göstərsək, daha məqsədəuyğun olar. Çünki burada konsertlərin təşkili, müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur. Amma kütləvi tədbirlərin tərkibinə başqa şeylər də daxildir. Ona görə də anlayış dəqiq verilməlidir. Ümumilikdə bu qanun layihəsinin qəbul olunmasına tərəfdaram.
Cənab Sədr, bir məsələyə də toxunmaq istərdim. Təbii ki, Qızıl Aypara Cəmiyyətinin ofislə təmin olunması vacib amillərdən biridir. Bu da qanun layihəsində öz əksini tapıb.
Deputat həmkarım Azay müəllim də məsələ qaldırdı ki, Qeyri-hökumət Təşkilatlarının Forumu bina ilə təmin olunmayıb. Biz yeni bir cəmiyyətdə yaşayırıq. Yeni cəmiyyətdə yaşamağımıza baxmayaraq, sosialist psixologiyası hələ də bizim beynimizdən çıxmır. Cəmiyyətdə mülkiyyət münasibətləri dəyişib. Yəni cəmiyyətin mülkiyyət formaları var. Gündə kimsə bir təşkilat yaradacaq və dövlətə deyəcək ki, məni yerlə təmin elə? Cəmiyyətdə xüsusi sistem var. Bir vətəndaş evini kirayə verir, digər vətəndaş başqa yerdə ofis tutur. Beləcə, qarşılıqlı münasibətlər əsasında bu məsələni həll eləyirlər.
Kimsə qəzet açır. Dərhal qaçır ki, mənə mütləq yer verilməlidir. Dövlət heç bir qurum qarşısında öhdəlik götürməyib ki, onu bina ilə təmin eləsin. Bəzilərinin könlündən hətta avtomobil keçir. Mən hesab edirəm ki, yeni düşüncə tərzi, vətəndaş münasibətləri, mülkiyyət münasibətləri qarşılıqlı anlaşma səviyyəsində, qarşılıqlı müqavilə əsasında yaranmalıdır.
Mən Azay müəllimin təklifi ilə razıyam ki, ola bilsin, Qeyri-hökumət Təşkilatları Forumunun binası olsun. Amma digər tərəfdən əgər bu quruma daxil olan 400-dən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərirsə, biz onun fəaliyyətini geniş qiymətləndiririksə, onda hesab edirəm ki, onlar özünü binayla təmin eləyə bilərlər.
Xarici təşkilatlar, belə deyək, şübhəli təşkilatlar rayonlarda müxalifətdən olan deputatlar üçün ofislər tikir, mərkəzlər yaradır, görürsən ki, müxalifət partiyalarının sədrlərini gətirib mərkəzin rəhbəri kürsüsündə oturdurlar. Qoy bizim qeyri-hökumət təşkilatları da proqramlar işləsin, proqramlar təqdim eləsinlər və həmin proqramlar əsasında xüsusi vəsait alsınlar. Bu vəsait əsasında da hər binada icarəyə götürə bilərlər, fəaliyyət də göstərə bilərlər. Ona görə də hər dəfə bu mövzunun ortaya çıxmaması üçün ümumi mülkiyyət münasibətlərində, Qızıl Aypara Cəmiyyətini çıxmaq şərti ilə, yerdə qalan təşkilatlar sərbəstdirlər. Hər hansı bir müqaviləni bağlamaqda sərbəstdirlər. Hər hansı bir fəaliyyət göstərməkdə sərbəstdirlər. Ona görə də bu məsələ layihədə əksini tapsa, yaxşı olar. Bütövlükdə qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Fərrux Zeynalov.
F. Zeynalov. Hörmətli millət vəkilləri, müzakirə edilən qanun layihəsi tamamilə məqsədəuyğundur. Qanun qüvvəyə minəndən sonra Qızıl Aypara Cəmiyyətinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminlik yaranır. Mənim bəzi təkliflərim vardı. Onu hörmətli deputatlar dedi. Amma bir şeyi təklif eləmək istəyirəm.
3-cü maddənin 4-cü bəndində silahlı münaqişələr və fövqəladə hallar zamanı yaralanmış, xəstələnmiş və ya həlak olmuş şəxslərin sırasına itkin düşənləri də əlavə etmək lazımdır.
Siyavuş müəllimin qeyd elədiyi kimi, 3-cü maddənin 10-cu bəndində “Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınların və məcburi köçkünlərin iztirablarını yüngülləşdirməyə yönələn hüquqi yardım” ifadəsində “iztirablarını” sözünün “vəziyyətlərini” sözü ilə əvəz olunması yerinə düşərdi. Başqa iradlarımız yoxdur. Böyük məmnuniyyətlə biz də bu qanun layihəsinə səs verəcəyik. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Şübhə yoxdur ki, müzakirə etdiyimiz qanun layihəsi çox vacibdir. Eyni zamanda, həm Azərbaycan çapında, həm də beynəlxalq çapda çox mühüm bir məsələni nizamlayan layihədir. Öncə qeyd etmək istəyirəm ki, bu qanun layihəsinə səs verəcəyəm. Mən də digər həmkarlarım kimi bu qanun layihəsinə hər kəsin səs verməsini arzu edirəm.
Bir neçə məsələyə toxunmaq istərdim. Konkret olaraq, 3.0.13-də aztəminatlı ailələrlə bağlı bir bənd nəzərdə tutulmuşdur. Yəni layihədə verilmiş məqamlara mənim heç bir əlavə və dəyişiklik eləmək fikrim olmasa da, bir məsələni nəzərinizə çatdırmaq istərdim. Ümumiyyətlə, bu gün aztəminatlı ailələrlə bağlı elə bir dövlət proqramı yoxdur ki, orada bu məqam nəzərə alınmasın. Amma buna baxmayaraq, bir məsələ həmişə nəzərdən qaçır ki, aztəminatlı ailələrin problemləri ilə bağlı hər hansı bir koordinasiya yaradılmır. İqtisadi İnkişaf Nazirliyi, Təhsil, Səhiyyə və digər nazirliklər qarşısında bu problemlər qoyulur. Amma eyni problemin həllini 2-3 nazirlik həyata keçirir. Ona görə də hesab edirəm ki, aztəminatlı ailələrlə bağlı problemlərin həlli ilə müəyyən koordinasiya şurası məşğul olsun və bu layihədə əks olunsun.
Qeyri-yaşayış sahələri ilə bağlı. Biz qanundakı təşkilatın yerli regional orqanlarına qeyri-yaşayış sahələri verilməsini nəzərdə tuturuq. Bu məsələ barədə hörmətli həmkarım Siyavuş Novruzov fikirlərini söylədi. Amma mən Siyavuş müəllimin bir sıra fikirləri ilə razı deyiləm. Ümumiyyətlə, bilmək lazımdır ki, Qızıl Aypara və qeyri-hökumət təşkilatları ilə bağlı dünyada qəbul olunmuş ümumi bir format var. Bu gün biz müxtəlif ölkələrin xarici kəşfiyyat idarələrinin Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsini istəmiriksə, Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa qulluq eləyən qeyri-hökumət təşkilatlarına dəstək verməliyik. Bu dəstəyi, konkret olaraq, Milli Məclis səviyyəsində etmək mümkündür. Məsələn, Rusiyada, Almaniyada, ümumiyyətlə, hakimiyyətdə olan partiya, konkret olaraq, Almaniyada Yaşıllar Partiyası, hakimiyyətdə olarkən bunun praktiki əhəmiyyətini görmüşdük. Almaniyada bunu gözlərimiz qarşısında baş verən hadisələrdə görürdük.
Konkret olaraq, hakimiyyətdə olan, çoxluq təşkil eləyən partiyanın ətrafında olan qeyri-hökumət təşkilatlarının proqramları və layihələri dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Bu çox normal, sivil, dünyəvi bir təcrübədir və biz bu təcrübədən istifadə eləməliyik. Əks halda kifayət qədər savadlı, kifayət qədər ağıllı insanlar məhz bu qrantların ucbatından hər hansı bir xarici kəşfiyyatın maliyyələşdirəcəyi layihənin toruna düşə bilər. Ona görə də hesab edirəm ki, Qızıl Aypara Cəmiyyətini yerli imkanlarımız hesablarına kifayət qədər gücləndirməliyik. Həm ofislərlə, həm də yeri gələrsə, müxtəlif vasitələrlə işini canlandırmağa çalışmalıyıq.
Bir məsələni də qeyd eləmək istəyirəm. Qeyri-hökumət Təşkilatlarının Forumunda 427 təşkilatımız var. Hər hansı bir Avropa dövlətində 427 təşkilat birləşərsə, bu çox böyük bir qüvvə sayılır. Əgər Azərbaycanda bu forumda 427 təşkilatı birləşdirə bilmişiksə, bu ondan xəbər verir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda çox böyük addım atılıb. Siz yaxşı bilirsiniz ki, bu gün Avropada əsas üstünlüklərdən biri vətəndaş cəmiyyətinin qurulmasıdır. Biz bu 427 təşkilatı birləşdirmişiksə, deməli, Azərbaycanda demokratiyanın inkişafı sahəsində mühüm bir addım atmışıq. Bu baxımdan güman edirəm ki, irəliyə getmək üçün yeni addımlar da atmalıyıq.
5.0.3-cü maddədə kütləvi tədbirlər qeyd olunur. Güman edirəm ki, biz artıq məntiqi olaraq bu məsələyə gəlib çıxırıq. Məsələn, 9 Mayla bağlı bir həftədən artıqdır ki, Rusiyada Qeorqiyevskiy lentlər paylanılır. Bu da kütləvi tədbirdir. Kütləvi tədbir heç də 10 min, 5 min, 3 min adamın bir yerə yığışıb hər hansı bir şüar deməsi deyil. Güman edirəm ki, Qızıl Aypara da bu cür kütləvi tədbirlər keçirə bilər. İanələrin yığılması üçün bu addımlardan istifadə olunması mümkündür. Şübhəsiz ki, ianələrin yığılması bizim üçün ən irəli atılmış addımlardan biri olardı.
Uşaqlar və gənclərlə bağlı bir fikri demək istəyirəm. Bu da 3.0.15-ci maddədə göstərilib. Ümumiyyətlə, biz bu gün bu məsələni bir qədər diqqətdən kənarda buraxmışıq. Siyavuş müəllim də qeyd elədi. Doğrudan da, bu çox aktual məsələdir. Xocalı faciəsini yaşayan insanlarla, o cümlədən qadınlarla və uşaqlarla söhbət eləyəndə görürsən ki, bu insanların, sadəcə, hər hansı bir coğrafi bilikləri olsaydı, “azimut” deyilən anlayışdan xəbəri olsaydı, onların bir çoxu meşədə özlərinə marşrut seçə bilər və xilas ola bilərdilər. O baxımdan hesab edirəm ki, təşkilatın bu imkanlarını nəzərə almaq lazımdır. Çünki dünyada ancaq bu cür təşkilatlar həmin işlərlə məşğul olurlar. Yaxşı olardı ki, biz orta məktəblərimizdə, hətta uşaq bağçalarının yuxarı qruplarında ilk yardım göstərilməsini və digər bilikləri öyrətmək üçün bu cəmiyyətin imkanlarından istifadə edək. Çünki yaşadığımız həyat sübut edir ki, biz heç bir zaman heç nədən sığortalanmamışıq. İstənilən fövqəladə hal baş verə bilər və istənilən fövqəladə halda hər hansı bir nazirliyin, hər hansı bir komitənin nümayəndələri gələnə qədər insanlar bir-birinə kömək eləməyi bacarmalıdırlar. Ona görə də çox xahiş edərdim ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə hər hansı bir layihənin və ya proqramın həyata keçirilməsinə nail olaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hesab edirəm ki, artıq biz qanun layihəsini 2-ci oxunuşda müzakirə elədik. İndi Novruzəli Aslanova söz verək. Həm Qızıl Aypara Cəmiyyətinin prezidinti, həm də bizim həmkarımız kimi sözünü desin. Sonra səsverməyə keçək. Buyurun.
N. Aslanov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat.
Hörmətli Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Doğrudan da, mənim üçün bu gün çox şərəfli gündür. Burada həm deputat kimi, həm də Aypara Cəmiyyətinin prezidenti kimi çıxış eləyirəm. Fürsətdən istifadə eləyib sizin hamınıza, bütün millət vəkillərinə verdiyiniz təkliflərə görə həm öz adımdan, həm də Aypara Cəmiyyətinin üzvləri adından təşəkkürümü bildirirəm. Doğrudan da, burada verilən təkliflər Aypara Cəmiyyətinin gələcəkdə inkişafı üçün lazım olan səmərəli təkliflərdir.
Hesab edirəm ki, 3-cü oxunuşa qədər texniki cəhətdən bu əlavələri qanun layihəsində əks etdirmək mümkün olacaqdır. Bütün bunları nəzərə alaraq, mən fürsətdən istifadə edərək, qeyd eləmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizim Aypara Cəmiyyətinin fəxri üzvüdür. Ona minnətdarlığımı, təşəkkürümü bildirirəm ki, bu qanun layihəsini Milli Məclisə təqdim edib.
Fürsətdən istifadə eləyib bir məqamı qeyd eləmək istəyirəm. Burada beynəlxalq humanitar hüquqların yaranması haqqında, tibb bacılarının və tibb qardaşlarının hazırlanması haqqında bir neçə məsələ qaldırıldı. Birinci növbədə bizim hərəkatın müvafiq missiyası var. Həmin missiyanı bizim beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç və Aypara Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, ümumiyyətlə, hərəkatın tərkib üzvləri olan milli cəmiyyətlər həyata keçirirlər.
“İztirablar” sözünə gəlincə, qeyd eləmək istəyirəm ki, məhz iztirab içində yaşayan insanlara milli cəmiyyətlər öz yardımını göstərməlidirlər. Fövqəladə hallar zamanı, o cümlədən müharibələr olan vaxtı, hələ 1941-45-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin minlərlə tibb bacısı və tibb qardaşı könüllü sürətdə əsgərlərə, yaralılara kömək etmişlər. Hətta onlardan bir neçəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının ən yüksək ordenləri ilə, Florens Nayingel medalı ilə təltif olunmuşlar.
Qeyd eləmək istəyirəm ki, bu proses bizdə uzun müddətdir gedir və Aypara Cəmiyyəti ilk yardım kursları təşkil edib. MDB məkanında Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeganə cəmiyyətdir ki, ilk yardım üzrə beynəlxalq Avropa sertifikatına malikdir. Yəni bizim hazırlıq kurslarını keçən hər bir insan başqa ölkədə müvafiq işlə təmin oluna bilər. Bu Avropa sertifikatına biz təxminən 2 il bundan qabaq nail olmuşuq. Bu da bizim Aypara Cəmiyyətinin böyük bir nailiyyətidir.
Beynəlxalq humanitar hüquqların yayılması ilə əlaqədar biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilə artıq uzun illərdir ki, əməkdaşlıq edirik. Məktəblərdə, təhsil ocaqlarında, müəssisələrdə beynəlxalq humanitar hüquqların yayılması ilə bağlı müvafiq bilgilər veririk, təlimlər və seminarlar keçiririk. Bu da çox vacibdir. Çünki bilirsiniz ki, bizim Azərbaycan dövləti Ermənistan tərəfindən işğala məruz qalıbdır. Hər bir insan, o cümlədən hər bir hərbçi, silahlı qüvvələrin nümayəndəsi əsir düşə bilər. Təbii ki, bu, qarşı tərəfdən də ola bilər. Əsir düşən hər kəs bilməlidir ki, onun hüquqları 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyalarına uyğun olaraq qorunur. Hər iki tərəf bu hüquqları tanımalıdır. Əsir düşən insanlara işgəncə verilməməlidir və onların hüquqları qorunmalıdır.
Mən bir daha Milli Məclisin rəhbərliyinə öz minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Burada təkliflər səsləndi. Bəli, mayın 8-i Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günüdür. Həmin gün bizim hərəkatımızın banisi Anri Dyunan anadan olubdur. Artıq uzun illərdir ki, həmin gün bütün beynəlxalq aləmdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günü kimi qeyd olunur.
Mayın 8-də Milli Məclisdə bizim iclasımızdır. Mən bilirəm ki, ola bilsin, texniki cəhətdən çətin olsun. Lakin bir təkliflə mən tamamilə razıyam. Artıq neçə illərdir ki, ayparaçılar peşə bayramlarını mayın 7-də qeyd edirlər. Çünki 8 may bizim hüzn günümüzdür, bizim Şuşamız işğal olunubdur. Məhz bu nöqteyi-nəzərdən hər il biz mayın 8-də keçirəcəyimiz tədbirləri mayın 7-də keçirdirik. Mən fürsətdən istifadə edib sizin hamınızdan xahiş edirəm ki, məhz mayın 8-də, yəni Beynəlxalq Qızıl Xaç və Aypara günündə bizim qanun layihəmiz üçüncü oxunuşda qəbul olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, səsvermədən əvvəl sizinlə məsləhətləşmək istəyirəm. Bizim bir məsələmiz qalıb. Əgər etiraz eləmirsinizsə, səsvermədən sonra tənəffüssüz həmin məsələyə də baxaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Çox sağ olun.
Bildiyiniz kimi, qanun layihəsinin ikinci oxunuşudur. O, 8 maddədən ibarətdir. Maddə-maddə səsə qoymalıyıq. Əgər etiraz yoxdursa, səsə qoyaq. Onda xahiş edirəm, 1-4-cü maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 110
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
5-8-ci maddələrə münasibətinizi bildirməyinizi xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Nəhayət, ikinci oxunuşda qanun layihəsini bütünlüklə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Gündəliyin növbəti məsələsi Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir (ikinci oxunuş). Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi İqtisadi siyasət daimi komissiyasının iclasında Maliyyə Nazirliyinin, Milli Bankın və Auditorlar Palatasının nümayəndələrinin iştirakı ilə bir daha ətraflı müzakirə edilmişdir. Müzakirələrdə hörmətli millət vəkilləri Azər Əmiraslanov, Əli Məsimli, Vahid Əhmədov, Nazim Məmmədov, Xanhüseyn Kazımlı qanun layihəsinin ayrı-ayrı maddələri ilə bağlı dəyərli təkliflərini bildirmişlər. Həmin təkliflər Milli Məclisin komissiyası və İqtisadi qanunvericilik şöbəsində yaradılan işçi qrupu tərəfindən öyrənilmiş, layihənin bəzi maddələrinə əlavə və dəyişikliklər edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Müzakirələrdə səslənən təkliflər, əsasən, qanun layihəsinin adı, sığortalının və sığortaçının hüquq və vəzifələrinin dəqiqləşdirilməsi, sığorta məbləğinin, sığorta ödənişinin və sığorta haqqının müəyyən edilməsi, qanun layihəsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması ilə bağlı olmuşdur. Onlardan bəziləri üzərində dayanmaq istərdim.
Komissiya üzvləri və mütəxəssislər layihənin adından “hüquq” sözünün çıxarılmasını və onun “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” yazılmasını təklif etmişlər. 1.2-ci maddədə “auditin subyekti” anlayışında audit subyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ola bilməsi nəzərə alınaraq, müvafiq əlavə edilməsi təklif edilir. 1.4-cü maddədə, bötüvlükdə layihənin özündə sığortanın aparılması qaydası, sığorta şərtlərinin müəyyən edilməsi, həmçinin preambulada sığortanın aparılmasının məqsədi açıqlanmışdır. Bunu nəzərə alaraq, 1.4-cü maddənin layihədən çıxarılması təklif edilir.
5-ci maddənin yeni redaksiyada verilməsi aşağıdakılarla əlaqədardır. Layihədə auditorun mülki məsuliyyət növlərini əks etdirən hallar müəyyən olunmuşdur. Lakin həmin halların nəticəsinin nədən ibarət olduğunun müəyyənləşdirilməsi ilə əlaqədar maddənin adının yeni redaksiyada verilməsi və auditorun mülki məsuliyyətinin növlərinin dəqiqləşdirilməsi təklif edilir. Məsələn, audit aparılan zaman audit prinsiplərinə və standartlarına lazımi qaydada riayət edilməməsi sığorta hadisəsi kimi müəyyən olunur. Lakin auditorun belə hallara yol verməsinin audit subyekti üçün nə ilə nəticələndiyi maddədən görünmür. Bununla əlaqədar 5-ci maddənin “Sığorta hadisəsi” adlandırılması, həmçinin sığorta hadisələrinin dəqiq müəyyən edilməsi üçün redaksiyada verilməsi təklif edilir.
6-cı maddənin sığorta qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “Sığorta hadisəsi hesab edilməyən hallar” adlandırılması təklif edilir. 7-ci və 8-ci maddələrin, yəni sığortaçının və sığortalının hüquq və vəzifələrinin sığorta ilə bağlı qüvvədə olan qanunvericilik aktlarına uyğunlaşdırılması ilə bağlı yeni müddəaların əlavə edilməsi təklif edilir.
9-cu maddədə redaktə xarakterli dəyişikliklər edilir, həmçinin sığorta haqqının hissə-hissə ödənilməsinə hüquq yaradan 9.4-cü maddənin çıxarılması təklif olunur. Belə ki, həmin müddəa sığorta haqqının ikinci yarısının vaxtında ödənilməməsinə və bununla əlaqədar müqavilənin etibarsız sayılmasına şərait yaradır. Sığorta müqaviləsinə xitam verilməsi qaydasını və sığorta müqaviləsinin etibarsız sayılması hallarını müəyyən edən 9.8-ci maddənin qüvvədə olan “Sığorta haqqında” Qanunun 28-ci maddəsinin 2-ci bəndinin təkrarı olduğu üçün qanun layihəsindən çıxarılması təklif edilir.
10-cu maddə çox böyük maddədir və 12 bənddən ibarətdir. Burada sığorta məbləği sığorta ödənişi və sığorta haqqının müəyyən edilməsi əks olunur. Yəni sığorta məbləğinin artırılaraq auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün 5000 manat miqdarında müəyyənləşdirilməsi təklif edilir. Sığorta haqqının habelə baza sığorta tarifinin müəyyən olunmasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsi məqsədəmüvafiq hesab edilmədiyi üçün 10.3-cü, 10.4-cü və 10.10-cu maddələrin layihədən çıxarılması təklif edilir.
11-ci maddənin adında və mətnində redaktə xarakterli dəyişikliklər aparılması, “məbləğinin” sözünün “ödənişinin” sözü ilə əvəz olunması məqsədəuyğun sayılır. Belə ki, qeyri-həyat sığortası növləri üzrə sığortaçı sığorta hadisəsi nəticəsində vurulan zərərə görə sığorta məbləği deyil, sığorta ödənişi verir.
12-ci maddədə zərərin ödənilməsi ilə bağlı redaktə xarakterli dəyişikliklərin edilməsi, həmçinin 12.2-ci maddənin dəqiqləşdirilməsi təklif edilir. 13-cü maddədə redaktə xarakterli dəyişikliklər nəzərdə tutulur. Habelə auditin subyekti özünün qəsdən edilmiş hərəkətləri nəticəsində zərər çəkdikdə ona sığorta ödənişi verilməkdən imtina edilməsi əsas götürülür.
Qüvvədə olan sığorta qanunvericiliyində sığorta ehtiyatlarının yaradılması və sığorta risklərinin bölüşdürülməsi qaydasını müəyyən edən uyğun maddələrin mövcud olması ilə əlaqədar 15-ci və 16-cı maddələrin çıxarılması nəzərdə tutulur. Eyni zamanda, sözü gedən sığortada sığorta riskləri yüksək olmadığından, onların təkrar sığorta yolu ilə bölüşdürülməsinə də zərurət qalmır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Son olaraq nəzərinizə çatdırmaq istərdim ki, ikinci oxunuş üçün sizin müzakirənizə təqdim edilən Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi bütün maraqlı tərəflərin, o cümlədən Maliyyə Nazirliyinin, Milli Bankın, Hesablama Palatasının, Milli Məclis üzvlərinin və İqtisadi siyasət daimi komissiyasının üzvlərinin təkliflərinin əksəriyyətini özündə ehtiva edir. Bizim fikrimizcə, qanun layihəsi Milli Məclis tərəfindən dəstəklənə bilər.
Sizi əmin edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi iqtisadi inkişafımızın müasir mərhələsində auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılmasını, həmçinin auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin qarşılanması üçün münbit şəraitin yaradılmasını təmin edəcəkdir. Sizi səs verməyə dəvət edirəm. Eyni zamanda, təkliflərinizi gözləyirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, Nizamnaməyə görə, ikinci oxunuşa çıxarılan qanun layihəsi əsas kimi qəbul edilməlidir. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Müzakirəyə başlayırıq. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən 3 məsələ ilə bağlı arzularımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu qanun layihəsinin preambulasında sığortanın növü mütləq göstərilməlidir. Yəni məcburi sığortadır, yoxsa könüllü sığortadır. Bundan asılı olaraq, onun mahiyyətində bir çox məsələlərə aydınlıq gətirilə bilər. Hesab edirəm ki, daha çox könüllü sığortaya aiddir.
İkincisi, qanun layihəsinin 2-ci maddəsinin ikinci hissəsi Konstitusiyamızın 15.1-ci maddəsinin ikinci hissəsindən köçürülübdür. Yəni bu qanunla tərəfdar çıxdığımız beynəlxalq müqavilə arasında ziddiyyət olarsa, onda beynəlxalq müqavilə tətbiq olunur. Bu, Konstitusiyanın müddəasıdır, birbaşa qüvvəsi var. Bu qanun layihəsinə onun salınması yolverilməzdir.
Üçüncüsü, 89-ci maddənin ikinci hissəsində sığortaçı ilə sığorta müqaviləsi bağlamaq sığortalananın hüquq və vəzifəsi kimi göstərilir. Bu onun vəzifəsi deyil, hüququdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında qanun layihəsini mən Azərbaycan iqtisadiyyatı üçün gərəkli bir layihə hesab edirəm. Bu qanunun qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da onun lehinə səs verməyə dəvət edirəm.
Qanun layihəsi ilə bağlı mənim iki təklifim var. Birinci təklifim 11-ci maddə ilə bağlıdır. Bu maddədə “ağlabatan müddət” ifadəsi işlədilir. Qanunda belə sözün işlədilməsi düzgün deyil. Bu, mücərrəd bir anlayışdır.
Sədrlik edən. Çox sağ olun. Rafael müəllim, o neçənci bənddədir?
R. Cəbrayılov. 11.1-ci maddədədir. Aşağıdan yuxarı ikinci sətir. Qanun nə qədər mücərrədçilikdən uzaq olsa, bir o qədər yaxşıdır. Təklif edirəm ki, “ağlabatan müddət” ifadəsi “tərəflərin razılaşdığı müddət” ifadəsi ilə əvəz olunsun.
İkinci təklifim isə layihənin 17-ci maddəsi ilə bağlıdır. Orada yazılır: “Auditin subyektinə vurulmuş zərərin ödənilməsi ilə bağlı tələblər üzrə iddia müddəti sığorta hadisəsinin baş verdiyi tarixdən sığorta məbləği tam ödənilənədəkdir”. “Tam ödənilənə qədər” ifadəsi bir az mücərrəd ifadədir. Burada iddia müddətindən yox, mücərrəd bir zamandan söhbət gedir. Nəzərə alın ki, “zaman”la “müddət” ayrı-ayrı məfhumlardır. Əgər zaman sonsuz bir kateqoriyadırsa, müddət hüdudları müəyyən olunan bir zaman kəsiyidir.
Digər tərəfdən iddia müddətinin anlayışı və onun növləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində çox dəqiq şərh olunub. Orada müddətin maksimum həddi də müəyyən olunub. Yəni hansı kateqoriyalı işləri hansı müddətə tətbiq etmək olar. Onların hamısı 373-cü maddədə var. Bu maddənin bu formada qalması Mülki Məcəllənin 373-cü maddəsinə uyğun deyil. Burada iddia müddəti sığorta məbləği alınan vaxta, tam ödənilənə qədərdir. Mən hesab edirəm ki, iddia müddətinin sığorta hadisəsi baş verdiyi vaxtdan hesablanması düzgün deyil.
Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ona görə də bəlkə sığorta hadisəsi baş verəndən sonra auditin subyekti öz tələblərini sığortalayan tərəfə bildirəcək və onu qəbul edəcək, yaxud qismən qəbul edəcək. Mən hesab edirəm ki, auditin subyektinin hüquqlarının pozulduğu vaxtdan iddia müddətinin axımı başlanmalıdır. Ona görə də mənim fikrimcə, layihənin 17-ci maddəsi Mülki Məcəllənin 373 və 377-ci maddələrinin tələblərinə uyğunlaşdırılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu çox ciddi iraddır. Hesab edirəm ki, Ziyad müəllim, bu məsələ ilə bağlı Rafael müəllim sizə yaxınlaşar, bir yerdə onun həllini taparsınız. Çıxış etmək istəyən var? Ziyad müəllim, buyurun, iradlara, fikirlərə münasibətinizi bildirin.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hörmətli həmkarım İlyas İsmayılova təşəkkür edirəm. Onun dediyi təkliflər nəzərə alınacaq. Bir çox ölkələrin təcrübəsində söhbət məcburi sığortadan gedir. Bu barədə müzakirə aparmaq olar. İstər İlyas müəllimin, istərsə də Rafael müəllimin təklifləri düzgündür. Biz onun nəzərə alınmasını mütləq təmin edəcəyik.
Sədrlik edən. Çox sağ olun. Nə kimi təkliflər var? Qanun layihəsi 20 maddədən ibarətdir. Biz 4 dəfə səsvermə edərik. Maddələri beş-beş səsə qoyaq. Etiraz yoxdur? Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
6-10-cu maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
11-15-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
16-20-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Bütövlükdə ikinci oxunuşda qanun layihəsinin qəbuluna münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. İclasımız başa çatdı.
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 51
Milli Məclisin iclas salonu.
8 may 2007-ci il. Saat 12.
Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
N. Əsgərov, Azərbaycan Respublikası Baş Prokurorunun müavini.
N. Ələkbərov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi.
İ. Cəfərov, Azərbaycan Respublikası Prokurorluğunun şöbə rəisi.
M. Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qərargah rəisi.
* * *
A. Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
İ. Babayev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
* * *
S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
N. Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
B. Bağırov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsi rəisinin müavini.
Ə. Tağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin sektor müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında.
2. “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə.
3. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində.
5. Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan kəndinin adının dəyişdirilməsi haqqında.
6. “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə.
7. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
8. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
8 may 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 109
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik. Hörmətli deputatlar, bu gün Azərbaycan xalqının ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 15-ci ildönümüdür. Xahiş edirəm, Şuşa şəhərinin müdafiəsi zamanı şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
İndi gündəliyimizə keçirik. Gündəliyin növbəti məsələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Amnistiya haqqında qərar layihəsidir. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu qərar layihəsinin təşəbbüskarı həmkarımız, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. İcazə verək, qanun layihəsi haqqında sözünü desin, sonra müzakirələrə keçək.
M. Əliyeva. Hörmətli Sədr, hörmətli həmkarlar! Bu gün sizin diqqətinizə Amnistiya haqqında qərar layihəsi təqdim olunur. Bu təşəbbüsü irəli sürərək mən hesab edirdim, səhv etmiş, cinayət törətmiş insanlara biz bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayətlər törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk.
Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir. Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bütün azadlıqlar mövcuddur. Orada qanunun aliliyi mövcuddur, vətəndaşlar fəaldırlar, cəmiyyətdə birlik və mərhəmət var.
Dahi azərbaycanlı, böyük insan Heydər Əliyev məhz belə bir cəmiyyətin qurulması üçün səy göstərmişdir. O, Azərbaycanı müstəqil, azad, qüdrətli, güclü və firavan dövlət kimi görmək istəyirdi. Hazırda ölkəmiz bu istiqamətdə inkişaf edir. Mən ümidvaram ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya bütün həmkarlarım tərəfindən dəstəklənəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mehriban xanım. Bu çox gözəl təşəbbüsdür və biz inanırıq ki, Sizin belə təşəbbüsləriniz hələ çox-çox olacaq, çünki bütün Azərbaycan xalqı Sizi xeyirxah bir xanım, həm də millət vəkili kimi tanıyır. Çox sağ olun, minnətdarıq Sizə.
İndi gündəliyin müzakirəsinə keçirik. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş şəxslər və mətbuat nümayəndələri! Artıq qeyd olunduğu kimi, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Respublikası Milli Məclisinə müraciət edərək amnistiya elan olunması təşəbbüsü ilə çıxış etmiş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında qərar layihəsini təqdim etmişdir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, qərar layihəsi Milli Məclisin Sədri tərəfindən Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasına göndərilmiş, sənədə komissiyada baxılmış, qərar layihəsinin qanunvericilik texnikası baxımından mükəmməl hazırlandığı, bu növ qərarların indiyə qədər mövcud təcrübəsinə əsaslandığı qeyd olunmuş və sizin müzakirənizə təqdim edilmişdir.
Hörmətli həmkarlar! Hamımıza yaxşı məlumdur ki, Heydər Əliyev Fondu mövcud olduğu qısa müddət ərzində həm ölkə daxilində, həm də ölkəmizdən kənarda elm, təhsil, mədəniyyət və sosial sahələrdə bir çox tədbirlər həyata keçirmişdir. Humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarından biridir. Bu gün müzakirənizə təqdim olunmuş amnistiya haqqında qərar layihəsi də bu humanist əməllərin məntiqi davamıdır. Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətlərə görə məhkum olunmuş qadınlar, I qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 16 yaşına çatmayanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, 1948–1953, 1988-ci illərdə Ermənistandan deportasiya olunmuş şəxslər, 1988–1993-cü illərdə işğal nəticəsində məcburi köçürülmüş şəxslər, 1990-cı ilin 20 yanvar faciəsində və Xocalı soyqırımında əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları və mərhəmətə ehtiyacı olan digər şəxslər bu qərarın təsiri altına düşəcəklər.
Hörmətli millət vəkilləri, amnistiya aktının Heydər Əliyevin xatirəsinə həsr olunması da məntiqə uyğundur. Məhz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan ölkəmizdə onun təşəbbüsü ilə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilmiş və minlərlə insan azadlığa çıxmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölüm cəzasının icrası dayandırılmış, 1998-ci ildə isə bu cəza növü birdəfəlik ləğv olunmuşdur. Beləliklə, Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ilk dövlət olmuşdur. Belə bir siyasət nəticəsində Azərbaycanda həm cinayətkarlığa qarşı uğurla mübarizə aparılmış, həm də eyni zamanda, cinayət törətmiş şəxslərə humanistlik göstərilmiş və Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olmuşdur.
Hörmətli millət vəkilləri! Eyni zamanda, qeyd etməliyəm ki, sonuncu amnistiya aktı parlament tərəfindən 2003-cü ildə qəbul edilmişdir. Bu baxımdan da yeni amnistiya aktının qəbulu ilə bağlı millət vəkili Mehriban xanımın təşəbbüsü çox aktualdır. Bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Sözsüz ki, cinayət hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası və onun qarşısının alınması cəzaçəkmə müəssisəsində məhkumların azalmasına gətirib çıxaran çox müsbət bir amildir. Məsələn, statistik göstəricilərə görə əhalinin hər 1100 nəfərinə nisbətdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 390 olmuşsa, bu rəqəm 1993-cü ildən həyata keçirilən humanist siyasət nəticəsində getdikcə azalmış və 2004-cü il amnistiya aktından sonra 200-dən aşağı olmuşdur. Çox əhəmiyyətli indikator olan bu göstəricidə biz MDB ölkələrini qabaqlayaraq Şərqi Avropa ölkələri ilə bir səviyyəyə çatmışdıq. Bu baxımdan da indi qəbul olunacaq yeni amnistiya aktının da müstəsna əhəmiyyəti olacaqdır.
Hörmətli həmkarlarım, qərar layihəsi üç hissədən ibarətdir. I hissə amnistiya tətbiq ediləcək şəxslərin dairəsini müəyyənləşdirir, bu barədə siz məlumatlısınız. Aparılan təhlillərə əsasən amnistiya aktı nəticəsində 1500 şəxsin cəzaçəkmə müəssisəsindən azad olunması gözlənilir. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum olunmuş təxminən 7500 şəxsin isə cəzalardan azad edilməsi gözlənilir. Beləliklə, ümumən, amnistiya aktının təsir dairəsinə təqribən 9 000 şəxsin düşməsi ehtimal olunur.
Amnistiya aktının II hissəsində amnistiya tətbiqinin məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə məhdudiyyətlər amnistiya qərarlarına xas olan xüsusiyyətdir. Belə ki, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barədə qəbul edilən qərardır və buna görə də ağır və xüsusi ilə ağır cinayətlərə, korrupsiya cinayətlərinə görə, o cümlədən cinayətin xarakterindən asılı olaraq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə məhkum olunmuş şəxslərə amnistiyanın tətbiqi məhdudlaşdırılır. Eyni zamanda, II hissənin 6-cı bölməsində “Amnistiya aktlarının məhdudlaşdırılması haqqında” 1994-cü il 24 fevral tarixli Qanuna da istinad olunur. Qeyd etmək istəyirəm ki, 1994-cü il tarixli bu qanuna görə 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərə, Xocalı soyqırımının baş verməsində, o cümlədən Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər barəsində amnistiyanın tətbiq olunması qadağandır.
Qərar layihəsinin III hissəsi amnistiyanın tətbiqi qaydalarına həsr olunmuşdur. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bu, amnistiya aktının çərçivəsidir. Bu hissədə, eyni zamanda, amnistiyanı icra edəcək orqanlar sadalanır və amnistiyanın tətbiqi müddəti 3 ay müəyyənləşdirilmişdir. Bildirməliyəm ki, amnistiya haqqında qərarın vaxtında və düzgün icrasını təmin etmək məqsədi ilə adətən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Respublika Prokurorluğu tərəfindən müvafiq sərəncamlar verilir. Amnistiya aktının icrasının konkret məsələləri, amnistiya tətbiq edilən şəxslərin sosial reabilitasiyası ilə bağlı məsələlər bu sərəncamlarda öz əksini tapır. Məlumat üçün bildirmək istəyirəm ki, Milli Məclisin bugünkü iclasına Baş prokurorun müavini Namiq Əsgərov, ədliyyə nazirinin müavini Nazim Ələkbərov və digər rəsmi şəxslər dəvət olunmuşlar.
Hörmətli millət vəkilləri, inanıram ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsü hamı tərəfindən dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq. Cəzadan azad olunacaq minlərlə insan cəmiyyətə qovuşacaqdır. Biz əminik ki, amnistiya aktı vətəndaşlarımızın Vətənə və xalqa sədaqət, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcək, onların haqq və ədalətə inamını möhkəmləndirəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, qərar layihəsinin müzakirəsinə başlayırıq. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün çox lazımlı və zamanında olan amnistiya haqqında qərar layihəsi müzakirəmizə təqdim olunub. Bu qərarın əsasında olan bir neçə dərin mənəvi prinsiplərə diqqətinizi cəlb etmək istərdim. İlk öncə bu qərarın kökündə həyatın əsas fəlsəfi prinsiplərindən biri olan, insanların həyatında xüsusi rol oynayan, əsasını humanizm təşkil edən əfv və bağışlanma ideyası durur. Dahilərdən biri demişdir: “İnsanlara səhv etmək, tanrıya bağışlamaq məxsusdur”. Bəli, insan səhv edə bilər, amma zamanında onu bağışlayıb azad həyata qaytarmaq cəmiyyətin ən vacib məsələlərindən biri olmalıdır. Həyat üçün önəmli olan humanizm öz növbəsində qarşılıqlı humanizm törədir. Bax, bu qərarın kökündə də elə dərin mənalı prinsiplər durur. Bu qərara Heydər Əliyev ruhu və onun müdrikliyi məxsusdur. Müqəddəs kitabımızda deyilir: “Əfv edib bağışlamaq ancaq güclülərə məxsusdur”. Bu prinsip güclü və dönməz Heydər Əliyevin həyat tərzi olmuşdur.
Heydər Əliyevin hakimiyyətə gəlməsi cəmiyyətimizə sülh və barış gətirdi. 1995-ci ildən başlayaraq onun təşəbbüsü nəticəsində əfv və amnistiya qərarları bərpa olundu. Heydər Əliyevin verdiyi fərmanlar əsasında minlərlə insan azadlığa çıxıb cəmiyyətə qovuşaraq yeni həyat qurdu, ailələrə sevinc və barış gəldi. Bu qərarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunması, onun anadan olma gününə təsadüf etməsi Heydər Əliyev ruhu qarşısında, onun yüksək şəxsiyyətinə göstərdiyimiz hörmət və ehtiramımızdır. Əfv və bağışlama prinsipi müxtəlif dinlərin dəyərlərində də öz əksini tapır. Xristianlığın müqəddəs kitablarından biri olan İncildə deyilir: “Əfv edin, bağışlayın və bunlar həyatda sizlərə də şamil olunacaq”. Bu ideya digər dinlərdə də öz əksini tapır.
Bu qərarda nəinki dini və mədəni dəyərlər, mən deyərdim, bəşəriyyət üçün ən önəmli olan insan dəyərləri öz əksini tapır. Bu qərarda dövlətçilik anlamları mövcuddur. Müxtəlif illərdə etnik təmizləmə nəticəsində Ermənistandan deportasiya edilmiş, 20 Yanvar faciəsi və Xocalı soyqırımı nəticəsində əlil olmuş insanlar azad ediləcəklər. Belə qərarlar hər bir demokratik cəmiyyətin əsas atributudur. Belə qərarların qəbul olunması Azərbaycanda demokratiyanın inkişafı deməkdir. Amerikanın tanınmış Prezidenti, bu gün də dünyanın dahi siyasətçilərindən biri sayılan Tomas Ceffersonun hazırladığı İstiqlaliyyət bəyannaməsində deyilir: “Dövlətin əsas məqsədi insanlara yaşamaq, azadlıq və xoşbəxtliyə aparan şəraiti yaratmaqdır”. Bu qərarda həmin prinsip öz əksini tapır.
Bu qərar əsasında 1500 insan azadlığa çıxacaq və onlar üçün normal həyat qurmaq şəraiti yaradılacaq. Bu qərarda barış və sülhməramlılıq ideyası vardır. Müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olmuş insanlar cəmiyyətimizin hər bir vətəndaşı kimi normal fəaliyyətə qayıda biləcəklər. Cinayət törədərkən 18 yaşına çatmamış insanlar, əlillər və digər qrup insanlar əfv edilərək azadlığa çıxacaqlar. Qərarın əsasında minlərlə insanlar azadlığa çıxacaq, ailələrinə qayıdacaq, cəmiyyətə sülh və barış gələcək.
Hörmətli millət vəkilləri, nəhayət, bir prinsipi də xüsusi qeyd etmək istərdim. Bu qərarda həyatın ən incə duyğuları olan ana hissiyyatları vardır. Bu qərara əsasən az ağır cinayətlərə görə məhkum olunmuş qadınlar azad ediləcəklər. Bu qərar qəbul edildikdən sonra yüzlərlə ana övladlarını görəcək, yüzlərlə ana öz ailələrinə qayıdaraq oraya sevinc hissləri gətirəcək. Ailələrdə ana çırağı yanacaq, oraya mənəvi istilik gələcək. Bu isə cəmiyyətdə hər kəsi sevindirəcək.
Hörmətli millət vəkilləri, təqdim olunmuş qərar layihəsində Heydər Əliyevin müdrik ideyalarının olması, eyni zamanda, sülhməramlılıq və ən incə ana duyğularının mövcudluğu heç də təsadüfi deyil, çünki bu layihə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO kimi mötəbər təşkilatın sülhməramlı səfiri və eyni zamanda, gözəl bir ana olan xanım Mehriban Əliyeva tərəfindən hazırlanıb təqdim olunub. Mən fürsətdən istifadə edib, ona öz minnətdarlığımı bildirirəm. Hörmətli həmkarlar, cəmiyyətə tezliklə sülh, humanizm, xeyirxahlıq və sevinc gətirmək üçün hamınızı bu qərarın qəbul olunmasına çağırıram. Diqqətiniz üçün təşəkkür edirəm.
Sədrlik edən. Əhəd Əhmədov. Əhəd müəllim, bir dəqiqə üzr istəyirəm, çıxış üçün 44 nəfər millət vəkili yazılıb.
5 dəqiqəyə etirazınız yoxdursa, buyurun.
Ə. Əhmədov. Çıxışıma ümummilli liderimiz Heydər Əliyevin “Xalqımı azad və müstəqil görmək istəyirəm” sözləri ilə başlayıram. Ümummilli liderimizin doğum günü ərəfəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentə təqdim olunmuş amnistiya haqqında qərar layihəsinə mən birincilər sırasında qoşuluram. Hesab edirəm ki, bu təşəbbüs ümummilli liderimizin humanist siyasətinə sədaqətin, onun xatirəsinə ehtiramın ifadəsidir. Təqdirəlayiq haldır ki, Heydər Əliyevin mərhəmət, insanpərvərlik və humanizm ideyaları bu gün də yaşayır və qayğıya, köməyə ehtiyacı olan insanlar həmin qayğını davamlı olaraq hiss etməkdədirlər.
Mən qərar layihəsi ilə yaxından tanış olmuşam. Deyə bilərəm ki, amnistiya tətbiq edilən şəxslərin dairəsi çox genişdir və əksər ailələr tərəfindən sevinclə qarşılanacaqdır. Layihədə, əsasən, cinayət törədərkən 18 yaşına çatmayan qadınların, 20 Yanvar və Xocalı faciələrində əlil və şəhid olmuş şəxslərin yaxın qohumlarının, Ermənistandan deportasiya edilmiş həmvətənlərimizin cəzalardan azad edilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Heydər Əliyev Fondu mövcud olduğu qısa müddət ərzində ölkəmizdə elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafı üçün böyük işlər görmüşdür. Fond ulu öndərimizin ideyalarının gənc nəslə aşılamasında ölkəmizin inkişafına və dünya birliyinə inteqrasiyasına yönəlmiş siyasətin həyata keçirilməsində mühüm rol oynayır. Çıxışımın sonunda Mehriban xanım Əliyevanın belə bir humanist təklif irəli sürməsini bir daha alqışlayır və deputat seçildiyim İmişli, Beyləqan əhalisi adından dərin təşəkkürümü bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəlki natiqlər də gözəl qeyd etdilər. Belə bir qərar layihəsinin bu gün müzakirəsi bütün Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu layihə 3 min nəfərin sevincinə yox, 10 minlərlə insanın sevincinə səbəb olacaqdır. 10 minlərlə anaların, bacıların, qardaşların, ataların, həyat yoldaşlarının taleyində uğurlu bir addımdır. Onların bağışlanması bizim cəmiyyətə, dövlətə, gələcəyimizə hörməti, ehtiramı daha da artıracaqdır. Huma nizm, mərhəmət yolunda Mehriban xanım Əliyevanın ilk günlərdən bəri, uzun müddətdə, yəni deputatlıq fəaliyyətindən də əvvəl həm daxildə, həm də xaricdə göstərdiyi fəaliyyət Azərbaycana şərəf gətirmişdir. Bu gün isə azərbaycanlılara sevinc gətirir.
Əlbəttə, əgər müqayisə etsək, cinayəti bağışlamaq cinayəti davam etdirməkdən cəmiyyət, bəşəriyyət üçün 10 dəfə artıq faydalıdır. Humanizm, mərhəmət yolunda atılan addım, mən deyərdim ki, Heydər Əliyev ruhunun yaşaması, Heydər Əliyev ömrünün məntiqli davamı deməkdir. Bu yolda mən Mehriban xanım Əliyevaya uğurlar arzulayıram və ona təşəkkürümü bildirirəm. Çox güman ki, biz bu qərar layihəsini səs çoxluğu ilə qəbul edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi ilə əlaqədar təqdim olunan amnistiya aktının çox böyük hüquqi və ictimai əhəmiyyəti vardır. Ümummilli liderimiz Heydər Əliyev bizə çox böyük bir irs, dövlətçilik irsi qoyubdur. Onun siyasətində sərt qanunçuluqla bərabər humanizm də paralel şəkildə fəaliyyət göstəribdir. Azərbaycanda – müstəqil dövlətimizdə amnistiya verilməsi ənənəsi məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən mütəmadi şəkildə həyata keçirilibdir. Həmin siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Ümumilikdə, ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi və Prezident İlham Əliyevin dövründə 40-a qədər əfv fərmanları və amnistiyalar verilibdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təqdim elədiyi amnistiya aktı burada komissiyanın sədri Əli Hüseynov tərəfindən geniş və hərtərəfli şəkildə izah olundu. Göründüyü kimi, bu çox ciddi, səriştəli şəkildə hazırlanmış qərar layihəsidir. Həmin qərar layihəsində amnistiya aktı ilə azadlığa buraxılacaq və məsuliyyətdən azad ediləcək şəxslərin də sırası göstərilibdir. Bu bir daha göstərir ki, qərar layihəsi humanist bir siyasətin davamıdır və humanist bir addımdır. Bu humanist addım, eyni zamanda, qanunçuluğu da nəzərdə tutur və sərt qanunçuluq siyasətinin də davamlı olduğunu nümayiş etdirir. Amnistiya bağışlamaqdır, unutmaqdır. Azərbaycanda unutmağı, bağışlamağı da bacaran bir hakimiyyət mövcuddur. Lakin bu hakimiyyət, eyni zamanda, dövlətçiliyi qorumağa, yeri gəldikdə, qanunları sərt şəkildə tətbiq etməyə qadir hakimiyyətdir. Bu hakimiyyətin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Mən komissiyada da çıxışımda fikrimi demişəm, indi də deyirəm. Amnistiya haqqında qərar layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada deyilən fikirlərin hər biri ilə şərik olmaqla yanaşı, şübhəsiz, bir daha qeyd etmək yerinə düşərdi ki, xanım Mehriban Əliyeva Heydər Əliyev irsinin ənənələrini davam etdirən bir şəxsiyyətdir. Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyev irsi haqqında danışanda, şübhəsiz, konkret məqamları vurğulamaq lazımdır. Şəxsən mənim üçün Heydər Əliyev irsi Azərbaycanda deyilən çox məşhur bir atalar sözü ilə xarakterizə olunur. Atalarımız deyiblər: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Şübhəsiz, cinayət törətmiş hər bir şəxs cəmiyyətə qarşı yamanlıq edir. Amma bu yamanlığa qarşı yaxşılıq nümayiş etdirmək ər kişinin işidir. Bu zaman kişilik, şübhəsiz, cins anlamında başa düşülmür.
Digər tərəfdən Heydər Əliyevin siyasi fəaliyyəti dövründə biz hətta onun həyatına qəsd etmiş şəxslərə qarşı amnistiya verdiyinin, əfv etdiyinin şahidi olmuşuq. Mən 2003-cü ildə cənab İlham Əliyevin seçki kampaniyasında ziyalılarla keçirdiyi bir görüşü yadınıza salmaq istəyirəm. Məhz həmin görüşdə bu gün artıq çox məşhur olan “mən bütün azərbaycanlıların Prezidentiyəm” cümləsini cənab Prezident ilk dəfə demişdir.
Mehriban xanımın ictimai-siyasi fəaliyyətinə nəzər yetirərkən çox maraqlı bir dəsti-xətt görünür. Onun Azərbaycanda gördüyü işlər hər kəsə məlumdur. Güman edirəm ki, bu haqda biz yeni bir şey deyə bilməyəcəyik. Amma məni bu yaxınlarda çox riqqətə gətirən bir hadisə baş verdi. Görüşlərin birində onun Pakistanda zəlzələdən əziyyət çəkmiş və məktəbsiz qalmış uşaqlar üçün Heydər Əliyev Fondunun vəsaiti ilə məktəb tikdirməsi məni xüsusi ilə riqqətə gətirdi. Güman edirəm, artıq bütün azərbaycanlılarda və dünyanın bütün tərəqqipərvər insanlarında belə bir fikir yarandı ki, bu addım dünyanın bütün birinci xanımları üçün bir örnək ola bilər.
Bütün bunları deməklə yanaşı, qeyd etmək istəyərdim ki, mən də Mehriban xanıma Heydər Əliyev Fondunun prezidenti kimi islah-əmək düşərgələrində olan qadınlarla bağlı müraciət etmişdim. Bu gün həmin xahişimi bir daha təkrar etməklə bərabər demək istəyərdim ki, hörmətli Mehriban xanım və hörmətli Milli Məclis, hörmətli sədarət, şübhəsizdir ki, burada qadınlar da nəzərdə tutulublar, amma amnistiyanın bəndlərində ağır cinayət törətmiş insanlar nəzərdə tutulmayıb. İslah-əmək düşərgələrində olan hər bir şəxs çox yaxşı bilir ki, burada qəsdən adam öldürməklə bağlı qadınlar da var. Amma bu qadınların heç biri, doğrudan da, cinayət xarakterli təbiətlərindən irəli gələrək adam öldürməyiblər. Uzun illər, çox uzun illər fiziki və mənəvi işgəncələrə məruz qalan bu qadınlar özlərinin və uşaqlarının həyatlarını xilas etmək üçün bu cür ağır cinayət törədiblər. Mən bir daha bu xahişimi israrla sizin nəzərinizə çatdırmaq istərdim. Bu məsələyə bir daha baxılsın və həmin qadınlar da amnistiya aktında nəzərə alınsınlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də keçən iclasda amnistiya aktı təşəbbüsü ilə çıxış edən xanım Mehriban Əliyevaya minnətdarlıq etmişdim. Bu gün də hesab edirəm ki, millət vəkilləri bir sıra təkliflərimizi nəzərə almaqla amnistiya aktını qəbul edəcəklər, amma amnistiya haqqında bir sıra təkliflərim var. Çox istərdim ki, bu təkliflər də nəzərə alınsın.
İlk növbədə amnistiya aktının həyata keçirilmə müddəti 3 aydan ən çoxu bir aya endirilsin. İlk növbədə ona görə ki, qalmış cəzasının çəkilməmiş hissəsi 6 ay olan və amnistiya tətbiq edilən şəxs üçün 3 ay çox uzun bir müddətdir. 3 ay müddətində, təbii ki, amnistiya tətbiq olunanların hamısına 6 ayı şamil etmək olmaz. Onların içərisində cəza müddətinə 3-4 ay da qalanlar var. Bunu çox qısa müddətdə, yəni bir ay müddətində gerçəkləşdirməklə, əslində, amnistiyanın həmin dustaqlara şamil olunmasına və amnistiyanın fəlsəfəsinin işləməsinə şərait yaratmış olardıq. Ona görə də istəyərdim ki, amnistiyanın tətbiqi üçün nəzərdə tutulan 3 ay müddəti bir aya endirilsin.
İkinci təklifim də vardır. Millət vəkilləri amnistiya aktını humanizm aktı, respublikada barış, ictimai-siyasi əhvali-ruhiyyənin yaxşılaşdırılması və vətəndaş – dövlət münasibətlərinin normallaşdırılması, həmin münasibətlərin humanizm prinsipləri üzərində qurulması kimi dəyərləndirirlər. Bu sarıdan hesab edirəm ki, cəmiyyətin bir sıra təbəqələrində bu gün mübahisə predmetinə çevrilən, Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edən bir sıra kateqoriya bu amnistiya aktına daxil edilməlidir. İlk növbədə 15-16 oktyabr hadisələrinə görə həbs olunmuş, əfv fərmanı ilə həbsdən azad edilmiş bir sıra şəxslər bu gün üzərilərində ya məhkumluq daşıyırlar, ya da məhkəmə onlara şərti cəzalar verib. 15-16 oktyabr hadisələri ilə bağlı üzərində şərti cəza olan insanlara amnistiya aktı da tətbiq olunsun, çünki həmin insanlar, əslində, həbsdə olanlardan daha ağır cəzaya məhkum kimi görünürlər. Dünən onlar, tutaq ki, məhkəmədən azadlığa çıxmışlar, bir qrup isə həbs olunmuşdur. O həbsdən çıxanlar artıq reabilitasiya olunublar, onların hüquqları qaytarılıb, amma şərti məhkum olunanların heç birinin hüququ qaytarılmayıb və onlar hələ də üzərilərində şərti məhkumluq daşıyırlar.
Son dövrlərdə mətbuatda və ictimai-siyasi həyatda adları kifayət qədər hallandırılan Azərbaycan jurnalistlərinin məsələlərini mən çox istəyərdim ki, bu amnistiya aktı ilə həll edək. 147-ci maddənin 1-ci və 2-ci bəndlərinin hər ikisinə amnistiya aktı tətbiq olunsun və bu da cəmiyyətdə bir barış əhvali-ruhiyyəsi yaratsın. Bilirsiniz ki, beş jurnalist həbsdədir. Mirzə Sakitin, Samir Sədaqət oğlunun, habelə Eynulla Fətullayevin həbsdən azad olunması cəmiyyətə bir barış əhvali-ruhiyyəsi gətirər.
Bundan başqa, mən çox istəyərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi və bu qərar layihəsinin təşəbbüskarı Azərbaycanda ictimai-siyasi mühitin yaxşılaşdırılması istiqamətində və humanizm prinsiplərinin davam etdirilməsi baxımından siyasi məhbus kateqoriyasına aid bir sıra insanların da bu amnistiya aktı ilə azadlığa çıxması məsələsini gerçəkləşdirsin.
Ən sonda ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər içərisində artıq yaşı yetmişi keçmiş insanlar var və onlar ağır xəstədirlər. Gələcəkdə ya amnistiya ilə, ya da əfv fərmanı ilə bu insanların ömürlük həbs cəzası 15 illik həbs cəzası ilə əvəz olunsun. İnsan, ola bilsin ki, həddindən artıq ağır cinayət törədib, amma artıq yaş yetmişi keçib, müəyyən xəstəlikləri var, artıq onları həbsxana da sıxır. Ömürlük həbs müəyyən bir dövrlə əvəz olunduqda onların dövlətə, xalqa münasibəti, o cümlədən cinayətə və cinayətkarlığa münasibəti tamamilə dəyişər. Mən amnistiya aktına səs verəcəyəm, amma hörmətli millət vəkillərindən də xahiş edirəm, səsləndirdiyim təklifləri nəzərə alsınlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizə məlumdur ki, bu gün respublikamızın bütün guşələrində Azərbaycan xalqının dahi oğlu, Azərbaycan dövlətinin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gün böyük ruh yüksəkliyi, bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur. Əlbəttə, bu günlərdə deputat həmkarımız xanım Mehriban Əliyeva da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında qərarla əlaqədar Milli Məclisə müraciət etmişdir.
Hamımıza məlumdur ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və başqa sahələrdə çox böyük işlər həyata keçirir. Fondun əsas məqsədi cəmiyyətin tərəqqisi və xalqın rifahı naminə geniş miqyaslı proqram və layihələri həyata keçirməkdir və eyni zamanda, atdığı bütün addımlar respublikamızda, xaricdə də çox qiymətləndirilir və dəstəklənir. Heydər Əliyev Fondunun qayğıya, yardıma ehtiyacı olan insanlara kömək göstərməsi başlıca məqamlardan biridir. Müraciətdən də aydın olur ki, Heydər Əliyev Fonduna, xanım Mehriban Əliyevaya Azərbaycanda məhkum olunmuş şəxslərin ailələri özləri müraciət ediblər. Onun bir humanist addım atması ilə əlaqədar çox müraciətlər qəbul edilmişdir. Buna görə də belə bir müraciət Milli Məclisə daxil olmuşdur.
Hamımıza məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas mahiyyətlərindən biri humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya aktlarının bərpa edilməsidir. Əlbəttə, 1995-ci ildən sonra, burada yoldaşlar da qeyd etdilər, qəbul olunan əfv fərmanları, amnistiya aktları əsasında minlərlə insan bağışlanaraq cəzası yüngülləşdirilmiş və azad edilmişdir. Bugünkü qərardan da aydın olur ki, qərar müxtəlif təbəqədən olan insanlara şamil ediləcəkdir. Bunun da böyük əhəmiyyəti vardır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasətə sədaqəti nümayiş etdirərək, onun xatirəsinə ehtiram ifadəsi kimi Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müraciətini dəstəkləyirəm. Hesab edirəm ki, bu gün bütün millət vəkilləri həmin müraciəti dəstəkləyəcəklər. İnanın, son günlər xanım Mehriban Əliyevanın müraciətindən sonra respublikamızın müxtəlif guşələrində, Bakı şəhərində insanlarda çox böyük ruh yüksəkliyi əmələ gəlib ki, belə bir amnistiya aktı Milli Məclisdə qəbul olunacaq. Mən inanıram ki, amnistiya haqqında qərar qəbul ediləndən sonra amnistiyanın tətbiq olunacağı insanlar da düz yolda olacaqlar, qanunlara riayət edəcəklər. Bunun bizim gələcəyimiz üçün də çox böyük xeyri olacaqdır. Mən sonda bütün deputat həmkarlarımı bu qərar layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında təşəbbüsü ölkəmizin əhalisi tərəfindən sevinclə qarşılanmışdır. Bu sevincdən mənim təmsil etdiyim bölgənin insanlarına da pay düşür. Mən fürsətdən istifadə edərək həmin insanların salamını və dərin rəğbətini, minnətdarlığını hörmətli Mehriban xanıma çatdırmaq istəyirəm.
Amnistiya haqqında akt 9 minə yaxın insana şamil ediləcək. Bu məsələ mənəvi, humanizm, vətəndaşlara yenidən şans vermək baxımından çox önəmlidir. 10 minlərlə ailə bu aktdan sevinəcək və dövlətimizin humanizm prinsiplərinə sadiqliyinə inamını bir daha artıracaqdır. Bu akt nəticəsində insanlarda yeni həyata inteqrasiya etmək üçün də imkan yaranacaqdır. Qeyd etmək istərdim ki, diqqəti çəkən ən əsas məsələ məhz onun ədalət prinsipinə söykənməsidir. Belə ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların yaxınları, əbədi torpaqlarımız olan Ermənistandan deportasiya edilən, cinayət törədərkən 60 yaşına çatmış kişilərin, 18 yaşı tamam olmamış gənclərin, I qrup əlillərin və digər kateqoriyalardan olan şəxslərin bu amnistiya aktında əhatə edilməsi, doğrudan da, bu aktın nə qədər ədalətli olduğunu göstərir. Mən də hesab edirəm ki, belə bir akta biz hamımız səs verməliyik. Mən bu aktın qəbul olunmasına səs verəcəyəm və hörmətli həmkarlarım da elə bilirəm ki, bunun qəbul olunmasına səs verəcəklər. Bir daha şans veriləcək ki, insanlar törətdikləri əməllərdən peşman olsunlar və cəmiyyətimizin, ölkəmizin vətəndaşı olaraq oradan daha da alnıaçıq, üzüağ çıxsınlar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media mənsubları! Son günlər ölkəmizin bütün guşələrində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Onun əziz xatirəsi yad edilir və insanlar bir daha bu böyük şəxsiyyət qarşısında öz mənəvi borclarını ifadə edirlər. Ancaq mənə elə gəlir ki, Heydər Əliyevin xatirəsinə ən böyük ehtiram, onun xatirəsinə layiq olan ən gözəl təşəbbüs bu gün Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya aktı haqqında təşəbbüsdür. Bəli, bu, xoşməramlı səfirin irəli sürdüyü xoşməramlı bir təşəbbüsdür. Mənə elə gəlir ki, bu təşəbbüs, doğrudan da, Azərbaycan cəmiyyəti tərəfindən çoxdan gözlənilən bir addımdır. Heç də təsadüfi deyil ki, bu addım yenə də ulu öndərimizin adı ilə bağlı olan fonddan gəldi.
Hörmətli həmkarlarım amnistiya aktı haqqında danışdılar. Bu aktın tətbiq edilməsi Azərbaycanda vətəndaş birliyinin, milli həmrəyliyin inkişafına çox böyük töhfə olacaq. Vətəndaş və dövlət münasibətlərinin sivil məcraya qədəm qoyması üçün mühüm bir stimul olacaq. Bu barədə çox danışmaq olar. Bu addım hər bir azərbaycanlının Prezidenti olmaq istəyən və olmağı bacaran hörmətli Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi və ardıcıl davamıdır. Bu barədə artıq hörmətli həmkarlarım qeyd etdilər. Bu addım Azərbaycanın bir humanist dövlət olaraq beynəlxalq imicinə xidmət edəcəkdir. Azərbaycanda vətəndaş birliyinin, Azərbaycanda humanizm ənənələrinin mövcud olmasının bundan sonra da inkişaf edəcəyinə dəlalət edən gözəl bir təşəbbüsdür.
Mən bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycan qadınından gələn bu addım Azərbaycan qadınının mərhəmət, humanizm kimi ən gözəl keyfiyyətləri özündə təcəssüm etdirməsinin bariz nümunəsidir. Mən həmişə düşünmüşəm və bu gün də belə düşünürəm ki, mərhəmətin siması qadın simasıdır, ana simasıdır. Bu gün gözəl Azərbaycan qadını, gözəl Azərbaycan anası olan Mehriban xanım Əliyeva bu təşəbbüsü irəli sürməklə Azərbaycanda, doğrudan da, mərhəmətin simasına çevrilib. Onun YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti də bu fikirlərimin gerçək olmasına dəlalət edir. Bu addım nəticəsində bir çox adamlar azadlığa çıxacaqlar. Bu addım nəticəsində insanlar öz ailələrinə qovuşacaqlar. Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan bu təşəbbüs nəticəsində minlərlə ailəyə sevinc gələcək, minlərlə körpənin çöhrəsi güləcək. Mənə elə gəlir ki, həmin təşəbbüs və məhz bu addım Heydər Əliyevin ruhuna ən çox layiq olan və onun ruhunu ən çox sevindirəcək bir addım olacaqdır. Buna görə də mənə elə gəlir ki, biz burada birmənalı olaraq bu təşəbbüsü dəstəkləyəcəyik.
Heydər Əliyev Fondunun son dövrlər Azərbaycanda göstərdiyi fəaliyyət – milli-mənəvi dəyərlərin qorunması və təbliği, təhsilin maddi-texniki təminatının yaxşılaşdırılması və elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, milli-mədəni irsin qorunması və tərənnüm edilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər, səhiyyə sahəsində, xüsusi ilə əhalinin ən aztəminatlı təbəqəsini əhatə edən daha çox körpələrin, uşaqların problemlərinin həllinə yönələn layihələr göz qabağındadır. Çox sahələr üzrə belə layihələr barədə danışmaq olar.
Heydər Əliyev Fondunun təşəbbüsləri, qısa bir müddətdə həyata keçirdiyi geniş fəaliyyət barədə danışmaq üçün daha çox vaxt lazımdır. Ancaq mən dediklərimi yekunlaşdıraraq bir kəlmə demək istəyirəm ki, bu gün Heydər Əliyev Fondu bütün fəaliyyəti ilə Heydər Əliyev irsinə layiq olduğunu sübut edir. Heydər Əliyev Fondunun atdığı hər bir addım öz peşəkarlığı, öz sistemliliyi, problemlərə adekvat cavabı ilə Heydər Əliyevin siyasətinə, Heydər Əliyevin irsinə, Heydər Əliyevin həyati amallarına və prinsiplərinə uyğun bir addımdır. Sonda bir məsələyə də toxunmaq istəyirəm. Amnistiya aktında amnistiyanın tətbiqinə bəzi məhdudiyyətlər qoyulub. Bu çox normal bir haldır, çünki şəxsiyyət əleyhinə törədilmiş ağır cinayətlər var ki, onların bağışlanılması, əslində...
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Çox sağ olun. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mənə belə gəlir, qeyd etməyə ehtiyac var ki, qəbul edilən bəzi qərarlar ictimaiyyət tərəfindən konsensusla, ümummilli həmrəyliklə qarşılanır. Bu gün bizim müzakirəmizə təqdim olunan qərar layihəsi məhz həmin kateqoriyadan olan qərarlardandır. Bu baxımdan düşünürəm ki, həmin layihəni üç əsas amilə görə qiymətləndirmək vacibdir və yerinə düşərdi.
Birinci mühüm amil ondan ibarətdir ki, bu qərar vaxtında verilmiş bir qərardır, təqdim olunan layihə çox vaxtında hazırlanmış bir layihədir. Burada haqlı olaraq qeyd olunduğu kimi, indiyə qədər verilmiş amnistiya, əfv fərmanlarını hüquqi baxımdan təmin edən bir qərardır. Ona görə ki, bu qərar nəticəsində indiyə qədər cinayət törətmiş, hüquqi cinayət nəticəsində müəyyən qrup insanlara xələl yetirmiş, ziyan vurmuş şəxslər azadlığa çıxacaqlar, onların böyük bir qismi yerdə qalan cəzadan azad ediləcəklər. Bu da bütövlükdə ictimaiyyətdə doğru qarşılanacaqdır və vətəndaş hüququnun daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Hörmətli Mehriban xanım təqdimat zamanı qeyd etdi ki, bu, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcəkdir. Ona görə ki, vətəndaş cəmiyyətində, həqiqətən, ədalət, bərabərlik, sosial birlik və bütövlükdə hüquqların aliliyi ən vacib prinsiplər sırasındadır. Mənə belə gəlir ki, məhz burada həm də mərhəmət və humanistliyi də bu prinsiplər sırasına əlavə edirik.
Bu qərar təkcə müəyyən bir qrup insanı yox, müxtəlif kateqoriyalı insanları əhatə etdiyinə görə həm də onun əhatəliliyini qeyd etmək lazımdır. Bilirsiniz ki, 1500 insan çəkilməmiş cəzanın qalan hissəsindən azad ediləcək və 7 min 500 vətəndaş isə şərti cəzadan xilas olacaqdır. 9 min şəxsin, 9 min ailənin sevinməsi çox böyük bir hadisədir. Bu məhbuslarla təmasda olan, onlarla görüşən insanlar çox yaxşı bilirlər ki, amnistiya həmin insanlar üçün, onların yaxınları və qohumları üçün nə deməkdir. Bu qərarı, bu addımı həm ictimaiyyət, həm məhbuslar, həm də onların yaxınları gözləyirdilər. Ona görə hesab edirəm ki, belə böyük əhatəyə malik bu qərarın qəbulu həmin insanların rəğbətinə səbəb olacaq.
Üçüncü, hesab edirəm ki, bu qərar layihəsi çox ədalətli bir qərar layihəsidir. Ona görə ki, burada ilk növbədə haqlı olaraq Azərbaycan millətinin və dövlətinin qarşısında xidmətləri olan, 1948–1953, 1988-ci illərdə deportasiya edilmiş, şəhidlərin, 20 Yanvar, Xocalı hadisələrinin qurbanları olmuş insanların yaxınları və qadınlar xüsusi ilə faydalanacaqdır. Bu baxımdan qərar çox ədalətlidir. Bu üç əsas məziyyət, mənə elə gəlir ki, qərar layihəsinin bütövlükdə konsensus şəklində qəbul olunmasına kifayət qədər əsas verir. Bu təklif ulu öndərimizin anadan olmasının 84 illiyinə həsr edilib. Bu həm də dövlətçiliyimizə, dövlətin möhkəmləndirilməsinə, vətəndaşların dövlətin inkişafında və güclənməsində yaxından iştirakına xüsusi bir töhfədir. Mən də öz həmkarlarıma qoşularaq bu layihəyə səs verəcəyəm və hesab edirəm ki, həmin qərar hamı üçün faydalı olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sabir Hacıyev.
S. Hacıyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün hörmətli Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb. Bu qərar layihəsi çox böyük humanist dəyərlər, mərhəmət hissləri ilə hazırlanan bir sənəddir. Bir hüquqşünas kimi qeyd edim ki, hüquqi cəhətdən peşəkar hazırlanmış bir sənəddir və burada amnistiya təcrübəsindən maraqlı müddəalar da öz yerini tapıb. Bəzən istər cəmiyyətdən, istərsə də insanlardan təkliflər gəlir ki, amnistiya bəzi insanları əhatə etmir, yaxud bəzi insanlardan yan keçə bilər. Bu, təbii haldır. Amnistiya və əfvetmə aktının fərqi ondan ibarətdir ki, amnistiya aktı, ümumiyyətlə, ağır cinayət törətməyən şəxslərə aiddir.
Burada da yaxşı qeyd olunub ki, amnistiya yaşlı adamlara, qadınlara, şəhid olanların ailə üzvlərinə aiddir. Bəzi şəxslərə münasibətdə Azərbaycanda və bütün dünya təcrübəsində əfvetmə institutu mövcuddur. Bu institut Azərbaycanda, demək olar ki, mütəmadi olaraq həyata keçirilir və hörmətli cənab Prezident tərəfindən belə araşdırmalar aparılır və həmin insanlar əfv edilirlər. Zənnimcə, bu iş davam etdiriləcək və bəzi şəxslər gələcəkdə əfvetmə yolu ilə azad edilə bilərlər. Hüquqi cəhətdən çox peşəkarlıqla hazırlanan sənəddə belə bir müddəa var ki, bu amnistiya istintaqda olan şəxsə aid deyil. Qabaqlar amnistiya istintaqda olan şəxslərə də aid olurdusa, onların amnistiyadan imtina etmək hüququ da var idi. Onlar günahkar sayılmırdılar, onlar haqqında məhkəmə hökmü qüvvəyə minməmişdi. Amma buradakı müddəaya görə istintaq davam etdiriləcək, onların məsələsi müzakirəyə çıxarılmayacaq.
Bir məqamı da qeyd etmək istəyirəm. Burada məhdudiyyətlə bağlı maddələrdə bu amnistiya aktının hansı insanlara şamil edilə bilməməsi göstərilib. 4.9-cu maddədə düzgün göstərilib ki, amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslərə bu amnistiya aid deyil. Lakin bu cümlənin əvvəlində “1991-ci il oktyabrın 18-dən sonra” sözləri qeyd olunub. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, bir insan əgər vaxtı ilə qəsdən cəza törədibsə və sonradan əfv edilibsə, yaxud amnistiya aktı ilə cəza çəkməkdən azad olunubsa və yenidən qəsdən cinayət törədibsə, deməli, onun psixoloji durumu, şüuru qanunlara düzgün münasibətdə deyil. Bunu yalnız 18 oktyabrdan sonra ilə bağlamaq məqsədəuyğun olmaz. Ola bilər ki, vətəndaş oktyabrın 18-də yox, sentyabrın əvvəlində azadlığa buraxılıb və sonradan qəsdən cinayət törədib. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, insan şüurunu dəyişdirməyib. Ona görə təklif edərdim ki, “1991-ci il oktyabrın 18-i” sözləri çıxarılsın. Amnistiya və əfvetmə aktları ilə cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər sonradan cinayət törədiblərsə, bu amnistiya onlara şamil edilməyəcək. Sözümün axırında bir də bu qərar layihəsini təqdir edirəm və hörmətli millət vəkillərini bu qərar layihəsinə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Üçüncü çağırış Milli Məclisin parlamentində bu qədər geniş diqqət cəlb edən, böyük məhəbbətlə qarşılanan qanun layihəsi, demək olar ki, yox idi. Biz parlamentdə xalqın mənafeyinə xidmət edən qanunlar hazırlayırıq və bu qanunlar sonradan insanlarımızın güzəranının yaxşılaşmasına xidmət edir. Bu qərar layihəsi, elə bil, sosial sifariş idi. Mənə elə gəlir, deputat həmkarlarım mənimlə razılaşarlar ki, belə müraciətlər hər bir deputata olurdu. Yerlərdə bizim köməkçilər belə məsələlərlə üzləşirlər. Beləliklə, bu, böyük bir sosial sifariş, insanların arzusu idi. Məhz bu arzunun, istəyin ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, deputat həmkarımız Mehriban xanım tərəfindən qaldırılması qanunauyğun haldır. Nə üçün qanunauyğun haldır?
Qısa müddətdə Mehriban xanım sübut etdi ki, sosial müdafiə elementləri ilə ardıcıl və davamlı məşğul olanda orada nəticələr əldə edilir. Biz də uzun müddətdir sosial məsələlərlə məşğul oluruq. Təsəvvür edin ki, nə qədər yarımçıq işlər var idi, nə qədər məsələlər qaldırılmış, sonradan həyata keçirilə bilməmişdi. Bu gün məktəb tikintisi ilə bağlı çox böyük işlər aparılır. Azərbaycanda bu gün bir uşaq evi yoxdur ki, orada problem olsun, sosial problemlər, sanitar məsələlər həll olunmasın. Bütün bu məsələlər çox qısa müddətdə və ardıcıl həyata keçirilir. Mən əlil uşaqlar ilə bağlı məsələlərlə daim maraqlanıram. Talassemiyalı və hemofiliyalı uşaqların sosial müdafiəsi ilə bağlı Mehriban xanımın apardığı çox uğurlu işi yüksək qiymətləndiririk. Şəkərli diabetlə bağlı görülən işlər çox önəmlidir. Bunun kökünü bayaq da söylədilər, Mehriban xanımın çox gözəl insan, ana olması ilə bərabər onun böyük bir nəslin nümayəndəsi olması ilə də bağlayıram. Bu gün onun rəhbərlik etdiyi fondun adı ilə də bağlayıram, çünki bu fonda rəhbərlik edən insan, həqiqətən, belə yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. Siyasət elmində transatologiya bölümü var. Keçid dövründə gedən proseslərlə bağlı məsələlərdən bəhs edir. Ulu öndərimiz keçid dövrünün kataklizmlərini çox gözəl görürdü. 1995-ci ildən bu tərəfə ulu öndərimizin 7 amnistiya, 32 əfv fərmanı verməsi və bununla 21 min 325 nəfərin taleyini həll etməsi çox önəmli bir addım idi. Bu gün həmin ənənə davam etdirilir.
Oqtay müəllim, Siz bilirsiniz ki, bu qərar layihəsi, əslində, ancaq Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında müzakirə olunmalı idi. Bizim komissiyanın üzvləri təkidlə bunu bizim komissiyada müzakirə etməyi məqsədəmüvafiq bildilər. Bu layihə bizim komissiyamızda çox geniş, ətraflı müzakirə olundu. Bizim deputatlar birmənalı bu layihəni yüksək qiymətləndirdilər. Bu gün məhdudiyyətdən ağız dolusu danışan adamlarımız var, həmin məhdudiyyəti başqa qruplara da şamil etmək istəyirlər. Biz bu sənədi mütəxəssislərlə, işçi qrupu ilə öyrənərkən bir daha aydın oldu ki, layihədə nəzərdə tutulan mühüm məqamlar əsaslıdır, elmidir. Məhdudiyyətlər də çox yerində olan məhdudiyyətlərdir. Mən hesab edirəm ki, həmin məhdudiyyətlər bu gün mümkün deyil. Ola bilər, zamanın hansısa bir dövründə biz bu məsələyə qayıtmalı olduq.
Digər bir məsələni də qeyd etmək istəyirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uzun müddətdir ki, Azərbaycanda barış siyasəti aparır. Cəmiyyəti bağlamaq, bir-birinə uğurlu sementləşdirmə siyasəti aparır. Bunu bəyənməyənlər də, başa düşməyənlər də var. Amma bu böyük bir həqiqətdir. Bu addım məhz həmin cəmiyyəti barışdıran bir amildir. Cəmiyyətə mərhəmət toxumunun səpilməsi istiqamətində olan bir addımdır. Bu addım bütün sistem, bütün ölkə tərəfindən yaxşı qəbul olunur. Penitensiar müəssisələrdən azad edilmiş insanlarla bağlı qanun layihəmiz var. Bu, üst-üstə düşən bir layihə oldu. Həmin adamların cəmiyyətə adaptasiya məsələləri də bizim bu gün müzakirə edəcəyimiz layihədə öz əksini tapacaq. Mən bir daha Mehriban xanıma minnətdarlığımı bildirirəm və bütün deputat həmkarlarımı bu qərar layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə öz seçicilərim, azərbaycanlılar adından Mehriban xanıma minnətdarlıq, təşəkkür edirəm ki, belə bir sənədlə, belə bir təşəbbüslə müraciət edib. Bu təşəbbüs, sadəcə, ortaya çıxmayıb. Bu təşəbbüs Mehriban xanıma ünvanlanan minlərlə müraciətlərin, onun qəbulunda olan minlərlə insanın işlərinin və böyük bir araşdırmanın nəticəsində ortaya çıxmışdır. Bütün bunlar onu göstərirdi ki, insanlarımız məhz Mehriban xanımdan bu addımı gözləyirdilər və Mehriban xanım da onların bu gözləntilərini tamamilə doğrultdu.
Həmkarlarımın dediklərini dəstəkləməklə yanaşı, mən məsələnin bir neçə aspektini qeyd etmək istəyirəm. Əslində, bu sənəd Mehriban xanımın ölkədə həyata keçirdiyi çox böyük işlərin bir parçasıdır. Mehriban xanım bu sənədlə cəmiyyətə çox böyük mesajlar verdi. Mehriban xanım öz fəaliyyətində həmişə uşaqların, gənc nəslin yaxşı yetişməsi sahəsində bu gün rəhbərlik etdiyi Heydər Əliyev Fondu, digər fəaliyyətlər vasitəsi ilə çox böyük işlər görür. Amnistiya layihəsində də 18 yaşına çatmayan gənclərimizin, uşaqlarımızın bağışlanması ortaya qoyulur, çünki Mehriban xanımın fəaliyyətində həmişə belə bir deviz var: “Bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək deməkdir”. Bu misal onun bütün fəaliyyətində var və bununla cəmiyyətə mesaj göndərir, mən düşünürəm ki, bu gəncləri bağışlayırıqsa, onda bütün cəmiyyət onlara qarşı dözümlü olmalıdır, bütün cəmiyyət onları bağışlamalıdır. Hər bir insan səhv edə bilər və biz səhvlərə görə insanı ömrü boyu ittiham edə bilmərik və onun səhvləri bağışlanırsa, cəmiyyət onların inkişafında öz əlindən gələn töhfəni verməlidir.
İkinci kateqoriyaya baxaq. Bunlar kimlərdir? Mehriban xanım öz fəaliyyətində qadınlarla bağlı, qadınlara münasibətdə zorakılığa qarşı çox böyük işlər görür və bunlardan qadınlarımızın çox böyük hissəsi yararlanırlar. Səhv edən qadınlarımız, hər hansı bir xəta törədərək bu gün səhvinin cəzasını həbsxanalarda çəkən qadınlarımız bundan yararlanacaqlar. Cəmiyyətə mesajdır ki, həmin qadınlarımıza qarşı daha dözümlü olaq, onların həyata qayıtmasında böyük rol oynayaq. Bağışlamaq çox böyük dəyərdir. Mən düşünürəm ki, Mehriban xanım bu addımı ilə dövlət və vətəndaş cəmiyyəti üçün çox böyük addım atdı. Nə qədər insanlar həbsxanalardan azad olunacaqlar. Birincisi, dövlətin üzərindən nə qədər yük götürülür. İkincisi, bir çox hallarda görürük ki, həbsxanalar insanları tərbiyə etmir, insanları bağışlayarkən onlar öz xətalarından, səhvlərindən nəticə çıxarır və cəmiyyət üçün daha yararlı insanlar olurlar. Cəmiyyət üçün nə qədər yararlı insanları biz həyata qaytara bilərik. Bu da vətəndaş cəmiyyətinin inkişafında çox böyük bir addımdır.
Məsələnin digər tərəfi ideoloji məsələlərlə bağlıdır. Burada ən böyük məsələ Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qoymuş, əlil, şəhid olmuş insanlarımızın yaxınları ilə bağlıdır. Məcburi köçkünlərimiz, qaçqınlarımız çox böyük psixoloji travmalar alıblar. Həmin insanların səhvləri bağışlanır, göstərilir ki, cəmiyyət də onlara qarşı daha qayğılı, daha diqqətli olmalıdır. Sonda bir daha Mehriban xanıma təşəkkür edirəm, çünki Heydər Əliyev Fondu çox böyük işlər görür, Mehriban xanım çox böyük işlər görür. Hesab edirəm, bu sənədin çox böyük nəticəsi olacaq, gələcəkdə araşdırılan zaman görəcəyik ki, nə qədər insan bununla bağlı azadlığa çıxıb, cəmiyyətimiz üçün bunun xeyri olubdur.
Digər bir məsələyə də toxunmaq istəyirəm. Bəzi həmkarlarımız dedilər ki, digər kateqoriyalardan olan insanlara da bu amnistiyanı şamil etmək olardı. Onların arasında jurnalistlərimizi də misal çəkdilər. Ümummilli liderimiz Heydər Əliyev də, ölkəmizin Prezidenti İlham Əliyev də daim əfv fərmanı ilə ən ağır cinayətlər törətmiş insanları bağışlayıblar, çünki bağışlamaq, Asəf müəllim dedi, böyüklərə məxsus sifətdir, hər insan bağışlaya bilmir. İnanırıq ki, Mehriban xanım bu təşəbbüsləri gələcəkdə də davam etdirəcək və bu cür insanlara qarşı amnistiyanın şamil edilməsi mümkün olacaq. Bundan da bəzi insanların siyasi məqsədlər üçün istifadə eləməsi də doğru deyil. Gəlin, bu sənədə də, keçmiş sənədlərə də baxaq, görək ki, nə qədər insanlarımız çox ağır cinayətlər, çox böyük səhvlər törətmiş insanlar azadlığa çıxıblar. Bu sənədin mahiyyətini kiçiltməyək, çox böyük sənəddir və bir daha Mehriban xanıma qadınlar adından, uşaqlar adından...
Sədrlik edən. Çox sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli millət vəkilləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən qanunvericilik təşəbbüsü hüququ əsasında təqdim edilmişdir. Mehriban xanım Əliyevanın Milli Məclisə ünvanladığı qərar layihəsində bildirilir ki, son vaxtlar Heydər Əliyev Fonduna daxil olan müraciətlərlə əlaqədar məhkum edilmiş şəxslərlə bağlı bir sıra araşdırmalar aparılmışdır. Sənəddə həmin insanlara münasibətdə humanist addımların atılmasının məqsədəmüvafiqliyi qeyd olunur. Müraciətdə ümummilli liderimiz Heydər Əliyevin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək qayğı və yardıma ehtiyacı olanlara kömək göstərməsi Heydər Əliyev Fondunun başlıca məramlarından biri kimi göstərilir.
Millət vəkili xanım Mehriban Əliyevanın müraciətində nəzərə çatdırılır ki, aparılan təhlillərə əsasən amnistiya aktı qəbul olunduğu təqdirdə təqribən 1500 şəxsin cəzaçəkmə müəssisəsindən azad edilməsi, habelə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 şəxsin cəzalarının azad edilməsi gözlənilir, o cümlədən məhkəmələr tərəfindən təyin edilmiş cərimə cəzasını ödəmiş 3 mindən artıq şəxsin də həmin cəzadan azad olunması proqnozlaşdırılır. Beləliklə, amnistiya aktının təqribən 9 min şəxsi əhatə etməsi ehtimal edilir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin yaradıcısı, böyük dövlət xadimi, dahi azərbaycanlı Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ərəfəsinə təsadüf edən bu amnistiya aktı millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir. Həyata keçirilən amnistiya aktının Avropanın demokratik və hüquqi dövlət dəyərlərinə yiyələnən müstəqil Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə xidmət etməsi də şübhəsizdir. Bu baxımdan ölkəmizdə tətbiq olunan amnistiyalar arasında Heydər Əliyev Fondunun təşəbbüsü məzmununa və miqyasına görə olduqca böyük əhəmiyyət kəsb edir.
Mən diqqətinizi amnistiya tətbiq edilən şəxslərin dairəsinə cəlb etmək istəyirəm. Burada qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları, Çernobıl qəzasında iştirak etmiş insanlar, onlara himayəçilik etmiş şəxslər, 20 Yanvar faciəsində və Xocalı soyqırımında əlil və şəhid olan şəxslərin yaxın qohumları, 1948–1953, 1988-ci illərdə Ermənistandan deportasiya olunmuş, 1988–1993-cü illərdə doğma Azərbaycan torpağında məcburi köçkünlərə çevrilən və bir sıra kateqoriyadan olan şəxslər göstərilir. Mən bu humanist aksiyanın vacibliyini və məhkumlar üçün ictimai əhəmiyyətini nəzərə alaraq millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünü dəstəkləyirəm. Humanist, ulu öndərimizin əziz xatirəsinə həsr olunmuş və ictimaiyyətin haqlı olaraq “qızıl amnistiya” adlandırdığı bu aktı qəbul etməyə səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! Bu amnistiya aktı 2003-cü ilin may ayında verilmiş amnistiya aktından sonra ilk aktdır. Səhv etmirəmsə, ümumiyyətlə, 1991-ci ildən sonra verilən amnistiya aktları arasında ən böyük fasilə də bu dövrdə olmuşdur. Bundan əlavə, 2003-cü ildə Prezident seçkiləri olmuşdur, yeni dövlət başçısı fəaliyyət göstərir və bu müddətdə Azərbaycan siyasi tarixində ölkənin birinci xanımının geniş ictimai-siyasi fəaliyyət ənənəsi də gündəmə gətirilmişdir. Bu səbəblərdən, sözün açığı, biz hüquqi əhatəsinə və siyasi tutumuna görə daha geniş bir amnistiya aktı gözləyirdik. Həqiqətən, bu istiqamətdə amnistiya aktında yeni müddəalar vardır. Yəni aktın 1-ci bəndində 1992-ci il 15 iyul amnistiyasından sonra ilk dəfədir ki, ağırlıq dərəcəsindən asılı olmayaraq, demək olar ki, bütün məhkum olunmuş, azadlıqdan məhrum edilmiş şəxslərə aid edilən bir müddəa vardır. 1994-cü ilin 24 fevral tarixli amnistiyasının məhdudlaşdırılması haqqındakı qanunla kateqoriyalardan istisna edilənlərdən savayı, digər kateqoriyalar da nəzərdə tutulur. Ağırlıq dərəcəsindən asılı olmayaraq, bütün məhkumlara belə bir amnistiyanın tətbiqi haqqında müddəa mövcuddursa, hesab edirəm ki, yalnız axırıncı 6 ay yox, bütün məhkumların cəzalarından ən azı 6 ay çıxıla bilərdi. Ümumiyyətlə, bütün cəzalardan bir ay çıxılması daha məqsədəuyğun olardı.
Məni təəccübləndirən bir məsələ də oldu. 1992-ci ildən sonra verilən amnistiyalar tarixində ilk dəfə olaraq yeni Cinayət Məcəlləsi qəbul edildikdən sonra bu maddələr dəyişmişdi. Amma bu gün 147-ci maddənin ikinci hissəsi amnistiyaya salınmamışdır. İlk dəfədir ki, bu maddə amnistiyaya salınmamışdır. Bilirsiniz ki, hal-hazırda mövcud iqtidarın mətbuat və jurnalistlərlə münasibətləri tənqid obyekti kimi çox geniş müzakirə olunur. Bunun haqlı, haqsız olması barədə mən burada diskussiyaya girmək istəmirəm. Amma bu faktdır. Belə bir məsələnin, problemin mövcud olması və məhz bu amnistiya aktına 147-ci maddənin ikinci hissəsinin salınmaması jurnalistləri cəzalandırmaq üçün istifadə olunan ənənənin və siyasətin davam etdirilməsi anlamına gəlir. Mən çox istərdim ki, hörmətli təşəbbüsçü elə bu məsələyə bir daha imkan varkən baxsın.
Nəhayət, bir məsələyə də diqqəti cəlb edim. Bilirsiniz ki, hal-hazırda qloballaşma prosesi gedir və vətəndaşlarımız da dünyanın bir çox yerlərində iqtisadi fəaliyyətlə məşğul olurlar. Son dövrdə hər yerdə, xüsusən Rusiyada miqrasiya haqqında yeni qanun qəbul edildikdən sonra, onlardan məhkum olub-olunmamaları haqqında arayışlar istənilir. Yəqin, sizlərə də müraciət olunur, bizlərə də müraciət edirlər. Nə vaxtsa məhkum olunmuş şəxslər ciddi problemlərlə üzləşirlər. Ona görə mən hesab edirəm ki, məhkum olunduqları cəzanı çəkib qurtarmış bütün şəxslərin məhkumluğunun götürülməsi müddəası da bu amnistiya aktına salınmalı idi ki, hal-hazırda vətəndaşlarımızın rastlaşdıqları həmin problem aradan qalxmış olsun. Hesab edirəm, qanunvericilik təşəbbüsünü irəli sürən hörmətli Mehriban xanım humanistlik göstərib bu məsələyə də hər halda razılıq verə bilər.
Siyasi xarakterli adlandırdığımız növbətçi maddələr var. 215-ci maddə ilə – vəzifəli şəxslərə müqavimət göstərmək, 220-ci maddə ilə – kütləvi iğtişaşlar yaratmaq və sair bu kimi məsələlərə görə məhkum edilərək siyasi məhbus hesab olunanların da amnistiya aktına salınmaması, ən azı məhkumluqlarının götürülməməsi, cəzalarının yüngülləşdirilməməsi təəssüf doğurur.
Nəhayət, mərhum Heydər Əliyevin xatirəsinə həsr olunduğuna görə qərarın preambulasında, giriş hissəsində onun fəaliyyəti haqqında müddəaların olması təbiidir. Lakin mən bir məsələyə toxunmaq istəyirəm. Biz istərdik, bu cür sənədlərdə ideologiya xarakterli və bir mövqeyi əks etdirən siyasi mövqelər mümkün qədər az olsun. Biz də öz fəlsəfəmizə və siyasi mənsubiyyətimizə görə həmin müddəalara görə belə sənədlərə səs verməkdən məhrum olardıq. Biz bu qərar layihəsini dəstəkləyirik, lakin səsvermədə iştirak etməyəcəyik.
Sədrlik edən. Çox sağ olun, Pənah bəy. Mən inanıram, biz burada qərar qəbul etsək ki, qatıq ağdır, mütləq deyəcəksiniz ki, qatıq qaradır. Belə bir amnistiya aktını da dəstəkləməyənlərə mənim daha sözüm yoxdur. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Mirkazım Kazımovun əvəzindən də danışacağam. O da çıxış üçün yazılıb, məndən sonradır, xahiş edirəm, bunu da nəzərə alasınız. İlk növbədə Mehriban xanıma təşəkkürümü bildirirəm ki, belə bir gözəl amnistiya aktı haqqında qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu gün biz qərar qəbul edirik. Deputat həmkarlarımdan da xahiş edirəm, təcili şəkildə qərar qəbul eləyək, birlikdə hamımız buna səs verək ki, həmin insanların hər biri bunu gözləyir. Həmin insanlar hər an bu amnistiya aktının qəbul olunmasını gözləyirlər və bunu qəbul edək.
Burada çıxışların bir neçəsinə toxunmaq istəyirəm. Bir çox həmkarlarım fikir irəli sürdülər ki, guya amnistiya aktı cəmiyyətdə barış yaradılmasına xidmət edəcək. Cəmiyyət bir-birindən küsüb ki, burada barışsın? Cəmiyyətdə barış var, bütün insanlar ümummilli liderimiz Heydər Əliyevin siyasətini dəstəkləyirlər, Prezidentimiz İlham Əliyevin arxasındadırlar, ona dəstək verirlər. Bəs niyə burada barış haqqında söhbət gedir? Kimsə cəmiyyətdən özünü kənarda tutursa, onun problemidir, cəmiyyətin bu səpkidə heç bir problemi yoxdur və cəmiyyət birdir, bütövdür, tamdır.
İkinci tərəfdən, amnistiya aktı ilə bağlı fikirlər söylənildi və bunu bəzən 1992-ci ilin 15 iyul amnistiyası ilə müqayisə edirlər. Həmin amnistiya hamımızın yadındadır. Həmin amnistiyanı 1953-cü il Beriyanın verdiyi amnistiya ilə müqayisə etmək olar. Beriya bütün residivistləri açıb buraxmışdı, sonra, 10 il müddətində sovet hökuməti onları yığışdıra bilmədi və kütləvi şəkildə terror aktları törətdilər və sair. 1992-ci ildə də ağır cinayət törətmiş şəxslər buraxılmışdılar. Onu bu amnistiya ilə müqayisə etmək olmaz.
Bu gün təqdim olunan amnistiya layihəsi çox humanist bir amnistiya layihəsidir. Humanizm Heydər Əliyev siyasətinin əsas qayəsidir, əsas istiqamətidir, əsas nöqtəsidir. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər hansı şəkildəsə cinayət törədən hər bir insana bu humanist aksiya tətbiq olunur. Mən sizin xatirinizə salmaq istəyirəm ki, hələ Heydər Əliyevdən öncə hakimiyyətə gəlmiş insanlar yox, məhz Heydər Əliyev 1993-cü ildə Avropa Şurasına qəbul olunmamışdan qabaq ölüm hökmünə monatori qoydu, ölüm hökmünün yerinə yetirilməsini dayandırdı və sonradan Şərqdə ilk dəfə olaraq ölüm hökmünü ləğv etdi. Lakin iki ay hakimiyyətdə olan İsa Qənbər tələm-tələsik, elə bil, bütün işləri həll etmişdi, 9 nəfərin güllələnməsinə sərəncam verdi və 9 nəfəri güllələtdirdi, halbuki Heydər Əliyev hakimiyyətə gələndən bir adama da ölüm hökmü tətbiq olunmadı. Budur humanist siyasət, budur humanizmin əsas qayəsi.
Digər tərəfdən, burada fikir söylənildi ki, amnistiya müəyyən adamlara tətbiq olunsun, müəyyən adamlara tətbiq olunmasın. Bu amnistiyadır, amnistiya da maddəyə tətbiq olunur, fərdə yox. Fərdin törətdiyi cinayət müxtəlif kateqoriyalı ola bilər. Həmkarlarımızdan biri dedi ki, amnistiya qadınlarımızın hamısına tətbiq olunur. Bu ola bilməz, çünki adam öldürmə maddəsi ilə cavan oğlan da, yaşlı adam da, orta yaşlı kişi də tutulur. Bu maddəyə tətbiq olunanda artıq əhəmiyyətini itirir. Tək bir qadına tətbiq olunmur. Amnistiya tətbiq edilən şəxslərin dairəsi düzgün göstərilib. Ağır cinayətlər törətməyən şəxslərə tətbiq olunmalıdır. Qəsdən adam öldürməkdə iştirak etməyib, ehtiyatsızlıq üzündən hər hansı bir cinayət törədilibsə, ağır xarakterli əməllər hesab olunur.
Burada 2003-cü il və yaxud başqa dövrlərlə, 15-16 oktyabr hadisələri ilə bağlı fikir söylənildi. Kütləvi iğtişaş törətmiş, dövlət əleyhinə cinayət etmiş şəxslərə amnistiya veririksə, bundan gənc nəsil hansı tərbiyəni götürə bilər? Gənc nəsil düşünə bilər ki, bu cür cinayət törədənlər də amnistiyaya düşə bilərlər. Məhz qanunun aliliyi, hüququn gözəlliyi, demokratiyanın inkişafı ondan ibarətdir ki, hər bir şəxs törətdiyi cinayətin məsuliyyətini daşımalıdır. Qanunun aliliyi hər bir insana tətbiq olunmalıdır. Bir başqa məsələyə də toxunmaq istəyirəm. Mən, ümumiyyətlə, bu mövzu ətrafında keçən parlamentdə də siyasi məhbuslar haqqında xeyli fikir söyləmişəm. Azərbaycanda siyasi məhbus yoxdur və olmayıb da.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə dövlətin yürütdüyü cəza və humanizm siyasəti ilə bağlı meyarın nədən ibarət olmasını bir az aydınlaşdırmaq istəyirəm. Bəzən fikirlər də səsləndi ki, az qala bütün cinayətkarlar azadlığa qovuşsalar, dövlətin humanizmi özünü onda göstərmiş olacaq. Buna bənzər başqa fikirlər də səsləndi. Bu mənada ölçü meyarının nədən ibarət olması hər kəs üçün bəlli olmalıdır. Dövlət səhv etmiş və cinayət törətmiş vətəndaşa azadlığa dönüş üçün təzədən şans verirsə, bu halda həmin şəxsin əməlindən ziyan çəkmiş tərəfin də haqlarını, hüquqlarını, mənəvi durumunu nəzərə alır. Burada balans pozularsa, bu heç vaxt humanizm sayıla bilməz. Mənə elə gəlir ki, bu sənədin əsasında həmin meyar son dərəcə dəqiqliyi ilə özünü ifadə edir. Əks halda cəmiyyətdə normal birgə yaşayış qaydaları bütövlükdə pozulardı.
Hörmətli həmkarım Siyavuş Novruzov qeyd etdi. 1991-ci ildə buna bənzər amnistiya aktı verilmişdi. Məqsəd guya ağır cinayət törətmiş insanları ermənilərə qarşı yönəltmək idi, onlar əldə etdikləri silahı daxildə təzədən hayıf çıxmağa, keçmiş ədavətlərini çürütməyə yönəltdilər. Bu mənada həmin sənəd amnistiya sayıla bilməz. Pənah bəyin qeyd etdiyi kimi, bu amnistiya aktı cəmiyyətdə geniş müsbət reaksiyalar doğurduğundan buna yanaşmalarda kimsə siyasi rənglərdən istifadə etməməli, ideologiyaya varmamalı idi. Amma Pənah bəyin çıxışının sonu da, 5 gün ərzində mətbuatda sərgilənənlər də sübut etdi ki, bunun əhəmiyyətini aşağı salmaq, bunu antihakimiyyət manifestinə yönəltmək cəhdləri var. Birincisi deyilir ki, bu guya Avropa Şurasının tələbidir. Bəlli olur ki, Azərbaycan 2001-ci il yanvarın 25-nə qədər, Avropa Şurasına üzvlükdən öncə 5 amnistiya aktı, bir neçə əfv fərmanları ilə çıxış edib. Söylənilir ki, məhbuslar arasında diskriminasiya yaradılır. Onların bir qisminə tətbiq olunur, amma bunların gözlədiklərinə tətbiq olunmur. Başa düşə bilmirəm, özləri insanları, yəni məhbusları iki növə bölürlər. 1500 məhbus adam deyil? Amnistiyanın şamil olunacağı 9 min insan bunların gözündə vətəndaş deyil? Yalnız 5 nəfər jurnalistin və ya kiminsə kontekstində bu amnistiya aktını qiymətləndirmək olmaz.
Söylənilir ki, Azərbaycan dövlətinin cəza siyasətində qüsurlar var. Məhz buna görə də həbsxanada çoxlu insan var. Əvvəla, bununla bağlı dəfələrlə statistik rəqəmlər gətirilib və bəlli olub ki, Azərbaycan MDB məkanında 100 min insana düşən məhbusun sayına görə ön yerlərdə deyil, əksinə, sonuncu yerlərdədir. Lakin ön yerlərdə olduğumuz dövrlər olub. 1990-cı illərdə ictimai-siyasi münasibətlər sistemi hakimiyyət uğrunda baş alıb gedən çəkişmələr, doğrudan da, çoxlu cinayətkar yaratmışdı. 1995-ci ildən bu yana həbsxanada çoxlu insan olubsa, bu, keçmiş və ya bugünkü hakimiyyətin günahı deyildir. Həmin münasibətlər sistemini ortalığa gətirən qüvvələrin günahı idi. Bu mənada, hesab edirəm ki, ulu öndərin qüdrəti, gücü onda idi ki, həmin kriminal insanlardan cəmiyyəti təmizləyə bildi. İndi əfv və amnistiyaya məruz qalaraq azadlığa çıxmış adamlar nə tank, nə də top yiyəsidirlər və cəmiyyətdə sabitlik şəraitini poza bilmirlər. Əslində, amnistiya cəmiyyətdə mövcud olan vətəndaş sülhü, vətəndaş həmrəyliyinə əlavə təkan vermiş oldu. Lakin mən gözləyirdim ki, siyasi həmrəyliyi də, siyasi konsensusu yaratmış olsun. Mən gözləyirdim, bu gün Pənah bəy və digər müxalifətçilər açıq səslə desinlər ki, biz bunu siyasi barış yönümündə atılmış çox mühüm addım hesab edirik. Bir az da açıq demək mümkündürsə, həm də həmin təklifin bir xanım millət vəkilindən gəlməsi bu insanları sərt radikal mövqelərindən daşındırmaq üçün əlavə dəlil verməli idi.
Mən, yeri gəlmişkən, hörmətli Mehriban xanım haqqında mütləq bu cümləni söyləmək istəyirəm. O, ilin adamı kimi mükafat alarkən yaddaşlarda qalacaq çox mühüm fikirlər söylədi. Həmin fikirlərin biri belədir: “bəzən qonşu qonşunun səsini eşitməyəndə, qardaş qardaşın harayına çatmayanda insanlar Fonda müraciət edirlər və biz bu insanların harayına çatırıq”. Azərbaycan müstəqillik qazanandan sonra bəlli səbəblərdən birinci xanım obrazı cəmiyyətə bu cür təqdimat verə bilməmişdir. İndi Şərq qadınının yeni obrazı çevik, Prezidenti, sadəcə, müşayiət edən yox, onu tamamlayan, çox böyük bir missiyanı və vəzifəni aparan bir adam kimi təqdim olunur. Bu amnistiyanı bütün xalqımız ruh yüksəkliyi ilə müsbət qarşıladığı kimi, hər bir qüvvə də belə yanaşmalıdır. Mən buna səs verməklə belə yanaşdığımı göstərmiş olacağam.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 18 nəfər çıxış edib. 18 nəfərdən yalnız biri amnistiya haqqında müxalif münasibət bildirdi. Mən hesab edirəm ki, bu, ümumi mühiti göstərir. Bahar xanıma söz vermək istəyirəm. Bundan sonra qərar layihəsini sizin təklifinizlə səsə qoyarıq. Buyurun, Bahar xanım Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən hər şeydən əvvəl öz həmkarlarımın hamısına, burada fikir söyləyənlərə, söylənilən fikirləri dəstəkləyənlərin hər birinə təşəkkür edirəm ki, bu gün, doğrudan da, cəmiyyətin mütləq əksəriyyəti tərəfindən çox böyük rəğbətlə qarşılanmış qərar layihəsinin ən müxtəlif aspektləri haqqında fikirlər, hətta mübahisəli, ziddiyyətli fikirlər söylədilər. Təkcə ziddiyyətli fikirlər söyləmədilər, ziddiyyətli mövqe sərgilədilər. Əlbəttə, biz Azərbaycanın ictimai-siyasi həyatında ziddiyyətli mövqelərin hər zaman şahidi olmuşuq. Amma bu ziddiyyətli mövqeləri, hətta zahirən ziddiyyətli görünsə də, məntiq cəhətdən bəzən müəyyən dəlillərə söykənəndə qəbul etmək mümkün olur. Amma bu ziddiyyətlər, ümumiyyətlə, heç bir məntiqi dəlillərə söykənməyəndə, doğrudan da, qəribə olur, başa düşülmür. Necə yəni biz dəstəkləyirik, amma səs verməyəcəyik? Mən bunu başa düşmürəm. Pənah bəy bunu keçirdiyi mətbuat konfranslarından birində izah etsəydi, çox yaxşı olardı. Belə bir misal var: “Yox” deyirəm, “hə” kimi başa düşməyə bərabərdir”. Yoxsa budur? Mən çox təəssüf edirəm ki, belə fikirlər də səsləndi.
Bu qərar layihəsindən Azərbaycan mətbuatında siyasi məqsədlərlə, maraqlarla istifadə cəhdləri də oldu. Az da olsa, Milli Məclisdə də belə fikirlər səsləndi. Belə humanist addımlardan heç zaman siyasi maraqlar naminə istifadə etməməyinizi arzulayardım. Bu kimi addımlar amnistiyanın müsbət nəticələrini əvvəlcədən şübhə altına almaq və gözdən salmaq cəhdi kimi qiymətləndirilir. “Bu hər kəsin qəbul etdiyi və hər kəsin anladığı yaxşılıq, müsbət bir işdir və bunu hər kəs dəstəkləməlidir” fikrini kiminsə qəbul etmədiyini göstərmək cəhdi kimi qiymətləndirilir.
Mən burada səslənən fikirlərin bir çoxu ilə şərikəm və hesab edirəm ki, Azərbaycanda biz hər zaman nümunə axtarışında olmuşuq. Azərbaycan milləti digər millətlər kimi hər zaman qəhrəmanlıq haqqında düşünüb, qəhrəmanlıq göstərmək arzusunda olub. Amma hər zaman bunu hər kəs bacarmayıb. Eyni zamanda, bütün cəmiyyətlərdə olduğu kimi, hər kəsin qayğı göstərməli olduğu ümumi sahələr var ki, onlar bizim hər birimizə aiddir. Bu bizim millətlərin mənsub olduğu, daşıdığı mədəniyyətdir, mədəni irsidir, övladlarının sağlamlığıdır, onun təhsilidir. Atılmışlara, ehtiyac içərisində yaşayanlara, köməksiz insanlara qayğı bütün cəmiyyətləri narahat edir. Bu istiqamətlərdə müəyyən təşkilatlar, qurumlar yaradılır və dövlət təşkilatları ilə bərabər fəaliyyət göstərir.
Azərbaycan cəmiyyətində mədəniyyətə qayğı göstərmək istiqamətində çox sayda qeyri-hökumət təşkilatları yaradılıb. Amma gəlin, hər birimiz bunu təsdiq edək ki, indiyə kimi Azərbaycan mədəniyyətinin dostları Cəmiyyəti qədər Azərbaycan mədəniyyətinə diqqət, qayğı göstərən bir təşkilat olmayıb. Bu təşkilatın yaradıcısı və rəhbəri Mehriban xanım Əliyevadır. Eləcə də təhsilə, elmə, səhiyyəyə, insanların sağlamlığına qayğı göstərmək hər kəsin arzusu olub, bu istiqamətdə də çoxlu qurumlar yaradılıb. Bu sahədə də ən diqqət çəkən işi, ən diqqət çəkən fəaliyyəti məhz Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu göstərib. Bizim hər birimizin hər zaman təkrarlamaq istədiyimiz, lakin heç də hər zaman öhdəsindən gələ bilmədiyimiz mükəmməl fəaliyyəti bu təşkilatlar göstərib.
Milli Məclisdə həm bizim iştirakımızla, həm də bizdən əvvəl Milli Məclisin iclaslarında müxtəlif istiqamətlərdə təkliflər irəli sürülüb, hansısa qanun layihəsinin, konkret olaraq amnistiya aktlarının qəbul olunması ilə bağlı çoxsaylı təkliflər səslənib. Amma bir millət vəkili kimi demək olar, heç rast gəlməmişəm ki, əlinə kimsə qələm alsın, ekspertləri, mütəxəssisləri başına yığsın və konkret qərar layihəsi ilə çıxış etsin. Bu addımı da Azərbaycan parlamentində Mehriban xanım Əliyeva atıbdır. Mən çox sevinirəm və qürur hissi duyuram ki, Mehriban xanım bir vətəndaş, bir vətənpərvər insan olmaqla yanaşı, Azərbaycan qadınlarının nümunəvi bir nümayəndəsidir, simvoludur. Mən Mehriban xanımın imza atdığı bütün sənədlərdə Azərbaycan qadınının imzası olduğunu düşünürəm. Burada səsləndi ki, mərhəmətin siması qadındır. Həm mərhəmətin, həm siyasi təfəkkürün, həm də bir millət vəkili olaraq öz fəaliyyətini hərtərəfli qurmaq və konkret təklif, eyni zamanda, konkret layihə ilə çıxış etmək nümunəsini də burada millət vəkili kimi Mehriban xanım Əliyeva göstərdi. Bir xanım, qadın, vətəndaş kimi bunu göstərdi. Mən bütün bu cəhdlərinə, işlərinə və konkret nəticələrə görə Mehriban xanıma təşəkkürümü bildirirəm. Bundan sonra millət vəkili kimi təkcə təklif irəli sürmək yox, həm də konkret iş ortaya qoymaq nümunəsini bizim içərimizdən təkrarlayanlar artacaq.
Mən bu layihənin həyata vəsiqə almasını Azərbaycanda ədalətin, qanunun aliliyinin demokratik cəmiyyətin formalaşmasına gözəl bir töhfə kimi qəbul edirəm. Eyni zamanda, düşünürəm ki, bu həm də bir məsuliyyətdir. Bu layihəni həm irəli sürən şəxs üçün, həm də müzakirə və qəbul edən ali qurum olan Milli Məclis üçün böyük məsuliyyətdir. Biz etimad göstərdiyimiz, bundan sonra qanun çərçivəsində yaşayacağına inandığımız insanları azadlığa buraxırıq. Onların azadlığa qovuşması üçün lazımi addımlar ata biləcəyikmi, cəmiyyət onlara bundan sonra dayaq, dəstək ola biləcəkmi və onların həyatda öz yerlərini növbəti dəfə tutmasına köməkliyimizi göstərə biləcəyikmi? Belə suallar da səsləndi.
Mən hesab edirəm, Milli Məclisin gündəliyinə daxil olan Penitensiar müəssisələrdə cəza çəkməkdan azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun layihəsi müzakirəmizə verilərkən məhz elə bu məsələlərə diqqət yetirilməlidir. Bu gün həm dövlətin, həm də cəmiyyətin bu sahədəki vəzifələrini müəyyənləşdirmək üçün prinsipial mövqe göstərmək imkanımız var. Mən düşünürəm ki, bu qanunun qəbulu həm də cəzaçəkmə müəssisələrindən azad edilmiş insanların məsuliyyəti deməkdir. Onlar bunu, həqiqətən, düzgün qiymətləndirə biləcəklərmi? Onların bəziləri yenidən cinayət törədib barmaqlıqlar arasına qayıtmayacaqmı? Çox təəssüf ki, cəmiyyətdə bu kimi hallar var. Bu həm onların özlərinin bəzən cinayət törətməyə meyilli olmalarının və bəzi hallarda da bizim həmin insanlara diqqətli və qayğıkeş olmamağımızın nəticəsidir. Həm onlar, həm də Azərbaycan cəmiyyəti bütövlükdə məsuliyyətini dərk etməlidir.
Bu gün amnistiyanın bütün cəza çəkən, cəmiyyət üçün zərərli nümunə olan insanlara da şamil edilməsi təklifini irəli sürənlər də oldu. Qərar layihəsində, doğrudan da, ehtiyatsızlıq üzündən, bu və ya digər xəta nəticəsində, bilməyərəkdən və yaxud səhv, yanlışlıq ucbatından cinayət törətmiş insanların dairəsi göstərilir. Yalnız dövlətin və seçilmiş insanların – millət vəkillərinin qayğısına ehtiyacı olan insanlar üçün bunu etmək lazımdır. Cəmiyyət hiss etməlidir ki, biz yalnız səhv etmiş, yanlışlığa yol vermiş insanları bağışlayacağıq. Bununla da həm qanunun aliliyini, həm də ədalətin mövcud olmasını dəstəkləyirik. Biz cəmiyyətə, mənsub olduğumuz millətə, inkişaf etməkdə olan dövlətə ziyan vuran və bunu məqsədli şəkildə edən, şərti cəza çəkməsindən, həbsxanada olmasından asılı olmayaraq heç də səhvini anlamayanlara və hələ də özlərinin “düzgün yolda” olduqlarını daha aydın bəyan edənlərə bu kimi humanist aktı, diqqəti göstərə bilmərik. Gəlin, biz prinsipial mövqeyimizi müəyyənləşdirək. Biz kimləri bağışlayırıq, biz kimlərin cəza çəkməsini istəyirik? Törətdikləri cinayətə görə cinayətkarlar cəzalarını çəkməlidirlər. Mən bir daha bütün millət vəkillərinə təşəkkürümü bildirirəm. Mehriban xanıma da bundan sonrakı işlərində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, qərar layihəsini yetərincə müzakirə etdik. Hesab edirəm ki, artıq qərar layihəsini səsə qoymaq lazımdır. Bu qərar layihəsinə səs verməklə biz Mehriban Əliyevanın gördüyü savab işə qoşulmuş oluruq. Xahiş edirəm, məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsinə keçirik. “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə. Əgər yadınızdadırsa, keçən iclasda Qırmızı Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda qəbul etmək təklif olunmuşdu. Həmin məsələni gündəliyə əlavə etmişik. Söz verilir Rəbiyyət Aslanovaya. Buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin ikinci çağırış dövründə, yəni 2001-ci il mayın 8-də “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Ancaq bu gün zərurətdən doğan ehtiyac nəticəsində, daha doğrusu, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda təqdim olunduğuna görə məhz bu qanunda da dəyişikliklər edilməsi zərurətə çevrilmişdir.
Azərbaycan Respublikasının qanununda hansı məqamlar dəyişikliyə məruz qalacaq? Birinci, qanunun adında, preambulasında, II fəslin adında, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 14, 15-ci maddələrin adlarında dəyişikliklər edilib. Mən bu maddələrin adlarını bir-bir oxumuram, yəni həmin maddələrin adlarında “Qırmızı Xaç və Qırmızı Aypara” sözləri var. Buna görə bu maddələr burada öz əksini tapıb. “Qırmızı Xaç və Qırmızı Aypara” sözləri “Qızıl Xaç və Qızıl Aypara” sözləri ilə əvəz edilib. Mənə elə gəlir ki, bu, kifayət qədər vacib dəyişiklikdir. Hörmətli həmkarlarımdan bu qanun layihəsinə səs verməyi çağırıram, çünki bundan sonra artıq ikinci qanun layihəsi üçüncü oxunuşda sizlərə təqdim olunacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşu barədədir. Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının qanun layihəsi artıq üçüncü oxunuşda sizə təqdim olunur. Qanun layihəsinin son oxunuşu bu gün əlamətdar bir günə təsadüf edir. 144 il əvvəl Qızıl Xaç və Qızıl Aypara hərəkatı yaranmışdır. Ona görə də məhz bu gün biz bunu üçüncü oxunuşda qəbul etməklə, hesab edirəm ki, humanizm prinsiplərinə sədaqətimizi bir daha nümayiş etdirəcəyik. Ötən oxunuş zamanı hörmətli millət vəkillərinin çox dəyərli fikirləri səslənmişdi. Həmkarlarımdan Valeh Ələsgərovun, Fərrux Zeynalovun, Eldar Quliyevin, Rafael Cəbrayılovun, Nizami Xudiyevin, Azay Quliyevin, Siyavuş Novruzovun fikirləri qanun layihəsinin bugünkü mükəmməl variantda sizə təqdim olunmasına imkan vermişdir. Bu təkliflər üçün hər birinizə minnətdarıq. İndi isə qəbul edilmiş dəyişiklikləri və qəbul edilməmiş iradları sizin nəzərinizə çatdırmaq istəyirəm.
İlk növbədə qəbul edilmiş fikirlər. Hörmətli millət vəkili Eldar Quliyev qanun layihəsinin 3.0.2-ci maddəsində “Humanitar yardıma ehtiyacı olan şəxslərin yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmətlər göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək” cümləsinə yeni bir sözün, yəni “müəyyənləşdirilməsi” sözünün əlavə edilməsini demişdi. Bu təklif nəzərə alınıb, həmin maddədə öz əksini tapıb. Eldar müəllimin digər bir düzəlişi “Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanmasını həyata keçirmək və bu yardımların Azərbaycan Respublikasının ərazisində yardıma ehtiyacı olanlara paylanmasında iştirak etmək” sözləri olan 3.0.9-cu maddəyə aid idi. Bu maddəyə “iştirak etmək” sözləri əlavə olunub. Hesab edirəm ki, bu da məqsədəuyğun olduğuna görə qəbul edilib.
3.0.13-cü maddədə “Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət orqanları ilə” sözlərindən və 4.2.4-cü maddədə “dövlət” sözündən sonra “bələdiyyələr və ya yerli özünüidarəetmə” sözləri əlavə edilsin. Bu sözlər də əlavə edilib. Həmin maddəyə “öz vəzifələrini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları ilə müqavilələr bağlanılır” sözləri də əlavə edilib. Mən öz təklifimi etmişdim ki, 5-ci maddənin cəmiyyətin maliyyə mənbələrində 5.0.6-cı bəndindən əvvələ xarici donor təşkilatlarına, xarici fiziki və hüquqi şəxslərə, o cümlədən beynəlxalq təşkilatlara aid bəndi əlavə edilsin. 5.0.5-ci bəndə bunlar əlavə edilib: “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq humanitar təşkilatlar, habelə xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara milli cəmiyyətləri tərəfindən verilən yardımlar”.
Hörmətli Siyavuş Novruzovun 3.0.10-cu maddəyə aid bir fikri var idi. Bu maddədən “iztirabların yüngülləşdirilməsi məqsədi ilə” sözləri götürülüb. Hesab edirik ki, maddənin mahiyyətinə zərər toxunmayıb. Siyavuş müəllim digər bir məsələni də demişdi. Bu da “kütləvi tədbirlər” sözlərinin “mədəni tədbirlər” sözləri ilə əvəz edilməsi idi. Biz hesab edirik ki, “kütləvi tədbirlər” elə olduğu kimi də qalmalıdır, çünki “kütləvi tədbirlər” sözlərindən əvvəl “bu qanunda və cəmiyyətin nizamnaməsində müəyyənləşdirilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsinə yönələn” sözləri əlavə edilib. İndi isə qəbul edilməmiş iradlar haqqında danışmaq istərdim. Birinci irad hörmətli Valeh müəllimin iradları idi. Valeh müəllim preambula hissəsinə...
V. Ələsgərov. Rəbiyyət xanım, xahiş edirəm, mənim iradlarımı qırağa qoyun.
R. Aslanova. Baş üstə. Sizin iradlarınızı deməyək. Fərrux müəllim “Silahlı münaqişələr və fövqəladə münaqişələr zamanı yaralanmış, xəstələnmiş, həlak olmuş şəxslərin axtarışlarını həyata keçirmək, həlak olanların dəfn edildiyi yerləri müəyyən etmək və bu sahədə yerli özünüidarə orqanlarına kömək göstərmək” sözlərindən sonra “itkin düşmüş” sözlərinin əlavə edilməsini göstərmişdi. Ancaq nəzərinizə çatdırırıq ki, 3.0.5-ci maddədə itkin düşmüş şəxslərin axtarışı nəzərdə tutulduğuna görə bu sözlər 4-cü bəndə əlavə edilmir.
Rafael müəllim “Cəmiyyətin hüquqları” adlı maddədə cəmiyyətin mülkiyyət hüququna malik olmasını əks etdirən müddəanın əlavə edilməsini istəmişdir. Nəzərinizə çatdırım ki, qeyri-hökumət təşkilatlarının mülkiyyət hüququ “Qeyri-hökumət təşkilatları və ictimai birliklər və fondlar haqqında” Qanunun 23-cü maddəsində bu məqam nəzərdə tutulub. Bu qanun layihəsinin 5.0.2-ci maddəsində “əmlakın icarəyə verilməsindən və ya satılmasından” sözləri Qızıl Aypara Cəmiyyətinin mülkiyyət hüququna malik olduğunu artıq göstərir. Bu səbəbdən də təklif olunan müddəanın qanun layihəsinə daxil edilməsinə ehtiyac yoxdur.
Hörmətli Nizami müəllim 5.0.2-ci maddədə “əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə edilən gəlir” cümləsindən “və ya satılmasından” sözlərinin çıxarılmasını təklif etmişdir. Ancaq, zənnimizcə, əmlak dedikdə təkcə bina nəzərdə tutulmur, həmçinin texniki avadanlıq, nəqliyyat vasitələri və digər məqamlar nəzərdə tutulur. Buna görə də “satılmasından” sözünün çıxarılması məqsədəmüvafiq sayılmamışdır.
Hörmətli Azay Quliyev təklif etmişdi ki, “kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların satışından əldə edilən gəlir” sözlərinin işlədilməsi məqsədəuyğun deyil. 5.0.5-ci maddədə “dövlət yardımı” sözlərinə münasibətini bildirərək Azay müəllim deyirdi ki, yeni redaksiyada “dövlət tərəfindən ayrılmış qrantlar, subsidiyalar və verilmiş sifarişlər” buraya yazılsın. Nəzərinizə çatdırım ki, “yardım” anlayışı qrant, subsidiya və sairləri əhatə etdiyindən maddənin dəyişdirilməsi məqsədəmüvafiq sayılmamışdır.
Ümumiyyətlə, ikinci oxunuşda öz fikirlərini deyən və bununla da qanun layihəsinin mükəmməlləşdirilməsinə, təkmil bir variantda ortaya gəlməsinə kömək edən hər bir millət vəkilinə minnətdarlığımızı bildiririk. Bu gün, may ayının 8-də həmin hərəkatın yaranması günü qanunun layihəsinə yekdilliklə səs verməyə çağırıram. Bu, həmin hərəkatın, milli komitənin fəaliyyətinə bizim bir hədiyyəmiz olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Qəbul edildi.
Gündəliyin növbəti məsələsi. YUNESKO-nun Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barədə. Hadi müəllim, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Azərbaycan dünyaya inteqrasiya edir. Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu qurumlardan biri də universal təşkilat olan BMT-dir. BMT-nin strukturları ilə çox fəal əməkdaşlıq var. Bu gün biz bir daha inamla deyirik ki, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı ilə daha geniş əlaqələrimiz var. Hörmətli Mehriban xanım YUNESKO-nun xoşməramlı səfiridir.
Bu gün sizin müzakirənizə verilən sənəd də Azərbaycanı yenə də beynəlxalq aləmə inteqrasiyasından irəli gəlir. Bildiyimiz kimi, biz dünya idman proseslərində iştirak edirik. Bu problemlər artıq özünü göstərməyə başlayır. Mən vaxtınızı alıb sənədlə bağlı məsələləri göstərmək istəmirəm, çünki hamınıza sənəd paylanıb. Bir həqiqət də var ki, Azərbaycan bu quruma qoşulmalıdır. Azərbaycan burada gedən prosesləri bilməlidir, çünki biz bir sıra beynəlxalq idman yarışlarında daim iştirak edirik. Bununla əlaqədar çoxlu problem yaranır. Mən qeyd etmək istəyirəm ki, bizim komissiyamızda idman təşkilatçıları çoxdur. Hörmətli Rauf Əliyev, Eyvaz müəllim. Onlar bilavasitə həmin sahədə işləyirlər. Biz Gənclər və İdman Nazirliyində yaranmış yeni şöbənin – Antidopinq şöbəsinin əməkdaşlarını da bu məsələlərin müzakirəsinə cəlb etmişdik. Bütövlükdə hesab edirəm ki, bu layihəyə səs verməyə dəyər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Müzakirəyə başlayırıq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bu konvensiyanın təsdiq olunmasına səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Amma bir məsələyə müəyyən mənada bununla əlaqəsi olduğuna görə münasibət bildirmək istəyirəm. İdman yarışlarında Azərbaycanın dövlət himni səslənir. Bizim dövlət himninin mətni çoxdur. Dünyada qəbul olunmuş mətnlərdən çoxdur. Onun oxunma müddəti 4 dəqiqəyə qədərdir. Adətən, bu müddət dünyada 2 dəqiqədir. Bəzi beynəlxalq tədbirlərdə, idman yarışlarında da görürük ki, bizim himnə hörmətsizlik olur. Ona görə ki, insanlar yorulurlar. Himnin mətnində və musiqisində dəyişiklik eləmədən, sadəcə, ixtisar aparmaqla onu standartlara uyğunlaşdırmaq doğru olardı. Mən bu məsələni qaldırıram. Başqa millət vəkilləri də, siyasi rəhbərlik də məqsədəuyğun saysalar, biz bu məsələyə qayıdarıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Amma Sizin qaldırdığınız məsələ bu günün məsələsi deyil. Bilirsiniz ki, Konstitusiyamıza görə himn haqqında konstitusiya qanunu olmalıdır. Nəzərinizə çatdırım ki, himndə bir nöqtə və ya vergül məsələsi də qanun çərçivəsində həll olunmalıdır. Yoxsa özbaşına mətni azaltmaq, çoxaltmaq qanunlarımıza hörmət gətirməz. Xahiş edirəm, konvensiyaya münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu. Saat 4-ə qədər fasilə. Sağ olun.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız, hörmətli deputatlar. Gündəliyin beşinci məsələsi. Azərbaycan Respublikasının Lerik rayonunun Azərbaycan kəndinin adının dəyişdirilməsi haqqında Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məlumat verəcək. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikasının Prezidenti Lerik rayonunun Azərbaycan kəndinin “Günəşli kəndi” adlandırılması haqqında qanun layihəsi təqdim edir. Qanun layihəsinə komissiyada baxılıb və Milli Məclisin müzakirəsinə təqdim olunub. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.05 dəq.)
Lehinə 74
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 74
Yetərsay yoxdur
Yetərsay yoxdur, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 16.05 dəq.)
İştirak edir 86
Yetərsay 83
86 nəfər iştirak edir, yetərsay var. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Mən qeyd etmək istəyirəm ki, bu dəyişiklik texniki xarakterlidir. Bilirsiniz ki, qanunvericilikdəki “şərti maliyyə vahidi” anlayışından biz daha əmək haqlarının müəyyənləşdirilməsində istifadə etmirik. Burada “şərti maliyyə vahidi” sözləri “manat” sözü ilə əvəz olunur. Söhbət məhkəmə hakimiyyətindən, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrlərinin, o cümlədən hakimlərin maaşından gedir. Yəni maaşın həcmi ilə bağlı yox, ancaq anlayışın texniki dəyişikliyindən söhbət gedir. Xahiş edirəm, bunu qəbul edəsiniz.
Sədrlik edən. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Sosial siyasət daimi komissiyasının üzvü Əkrəm Abdullayev, buyurun.
Ə. Abdullayev, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirənizə təqdim olunan qanuna əlavə və dəyişikliklər ölkəmizin vacib təbəqəsinə aid bir məsələdir. Gənclər həmişə cəmiyyətin önündə gedən qüvvə olmuşdur, bu gün də bunun nəzərə çarpmasının şahidi oluruq. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan olunmuşdur. Bu ilin elan olunması ilə əlaqədar, eyni zamanda, geniş tədbirlər planı da tətbiq edilmişdir. Milli Məclisin də gənclərlə bağlı qəbul etdiyi qərarlar Sosial siyasət daimi komissiyasında “Gənclər siyasəti haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi zərurəti yaratmışdır. Cəmiyyət inkişaf etdikcə qəbul olunmuş qanunlara da yeni baxışların olması vacibdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 1999-2006-cı illər ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən normativ-hüquqi aktlar qəbul edilmiş, Gənclər və İdman Nazirliyi nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Respublika Uşaq İstirahət Sağlamlıq Mərkəzi yaradılmışdır. Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, həyata keçirilən gənclər siyasətini tənzimləmək məqsədi ilə 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qanunda gənclər siyasətinin əsas prinsipləri öz əksini tapmış, gənclərin azərbaycançılıq, vətənpərvərlik, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mədəni, bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların yaradıcılıq potensialının ölkənin inkişafına və ümummilli problemlərinin həllinə səfərbər olunması, hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir. Son vaxtlar həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati, hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bu baxımdan müzakirənizə təqdim etdiyimiz dəyişikliklər çox vacibdir.
Uzun müddətdir ki, Sosial siyasət daimi komissiyasında bu qanun layihəsi üzərində iş aparılır. Bir neçə dəfə Milli Məclisdə komissiya üzvlərinin, gənc millət vəkillərinin, ictimaiyyətin nümayəndələrinin, qeyri-hökumət gənclər təşkilatının iştirakı ilə müzakirələr aparılmış və bir çox təkliflərin edilməsi zərurəti meydana çıxmışdır. 2007-ci il 19 aprel tarixində Sosial siyasət daimi komissiyasının Gənclər və İdman Nazirliyində səyyar iclası keçirilmiş, qanuna sonuncu əlavə və dəyişikliklər edilmişdir. Prinsipial olaraq əlavə və dəyişikliklər edilmiş maddələri diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, mövcud olan qanunda gənclərin yaş həddi 16-35 yaş kimi göstərilib. Amma bir çox beynəlxalq təşkilatların, xüsusən də Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, bir çox dövlətlərin təcrübəsini və Azərbaycandakı reallığı nəzərə alaraq yaş həddinin 19-29-a endirilməsi diqqətinizə təqdim edilir. Mən bununla bağlı statistikanı da əldə etmişəm, əgər suallar olarsa, həmin statistikanı da sizin nəzərinizə çatdıraram.
Başqa məsələ qanunda Gənclər Fondunun yaradılması ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda “Gənclər siyasəti haqqında” Qanuna əsasən qeyri-hökumət təşkilatlarının proqramları qismən maliyyələşdirilib. Bir çox ölkələrin təcrübəsinə müraciət edərkən şahid olduq ki, Rusiyada, Belarusda, Avropa Şurasının özündə Avropa Gənclər Fondu adı altında fondlar fəaliyyət göstərir. Cənab Prezidentin bu ilin “Gənclər ili” elan olunması ilə bağlı 9 fevral tarixli fərmanın tədbirlər planında fondun yaradılması da göstərilir. Belə məsləhət oldu ki, qanun layihəsinə bu fondun yaradılması haqqında müddəa daxil edilsin. Başqa gənclər evi şəbəkələrinin yaradılması, Sovetlər dövründə, bilirsiniz ki, ölkədə uşaq yaradıcılıq evləri, texniki stansiyalar, pionerlər evi fəaliyyət göstərirdi. Amma sonradan bu strukturlar dağıdıldı. Bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün sosial obyektlərin yoxluğu hiss olunur. Gənclər və İdman Nazirliyinin qaldırdığı təşəbbüsdə və cənab Prezidentin də qəbul elədiyi fərmanlarda, gənclərlə bağlı sənədlərdə bu məsələlər öz əksini tapıb və qanunda da həmin məsələnin öz əksini tapması yaxşı olardı.
Başqa bir məsələ ordudan tərxis olunmuş gənclərlə bağlıdır. Bilirsiniz ki, gənclər müəyyən işə düzəlirlər, işlədikləri müddətdə ordu sıralarına cəlb olunurlar, amma ordudan qayıtdıqdan sonra onlar iş yerlərində acınacaqlı vəziyyətlə qarşılaşırlar. Müəssisə rəhbərliyi onlara çatdırır ki, artıq onlar işləmirlər, onların yerinə digər adamlar götürülüb. Qanuna əlavə etdik ki, ordudan qayıtdıqdan, hərbi xidməti başa çatdırdıqdan sonra onların iş yerləri həmin müəssisələrdə saxlanılmalıdır.
Sonuncu prinsipial dəyişikliyi millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Gənclər təşkilatlarına sosial sifarişlərin verilməsi. Bilirsiniz ki, gənclərin qeyri-hökumət təşkilatları müxtəlif layihələr, qrantlar, donor təşkilatlar hesabına maliyyələşirlər. Bu gün iqtisadiyyatımız inkişaf edir, müxtəlif dövlət strukturları geniş layihələr həyata keçirirlər. Bu layihələrə gənclər təşkilatlarının cəlb edilməsi daha yaxşı olardı. Ona görə qanun layihəsinə bu dəyişikliklərlə bağlı bir maddə əlavə etdik ki, gənclər təşkilatlarına dövlət strukturları tərəfindən sosial sifarişlər verilə bilər. Yəni istənilən təşkilat, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən bir yerin ekoloji cəhətdən təmizlənməsi və orada monitorinq aparılması baxımından gənclər təşkilatlarına qrantlar, maliyyə vəsaitləri ayıra və bu işi bilavasitə gənclər təşkilatlarına tapşıra bilərlər. Nəzərə alınmış bu dəyişikliklər bütövlükdə gənclərimizin sosial rifah halının, onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən dəyişikliklərdir. Mən bütün həmkarlarımı bu qanuna edilən əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, müzakirələrə başlayırıq. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Çox təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən bu qanunun prinsipcə qəbul olunmasına tərəfdaram, amma bizə təqdim olunan layihədə qanunun fəlsəfəsinin düzgün müəyyənləşdirilmədiyi düşüncəsindəyəm. Yəni biz “gənclər siyasəti” deyəndə nəyi nəzərdə tuturuq? Biz komsomol variantında gənclər yetişdirməyi, yaxud da gənclərin, doğrudan da, yaxşı yaşaması, sağlamlığı, həyat səviyyəsinin yüksəlməsi, imkanları baxımından qanunun faydalı olmasını düşünürük?
Bir-bir maddələr üzrə danışanda bu məsələlərə toxunacağıq. Hesab edirəm ki, 1-ci maddə ilə bağlı verilən təklifdə gənclərin yaşının 29 yaşa endirilməsi doğru təsbitdir. Amma çox maraqlıdır, Azərbaycan ordusuna hərbi çağırış yaşı 35 müəyyən olunur, gənclik yaşı 29 müəyyən olunur? Hər halda bu da düşündürücüdür. Gələcəkdə məhz gənclik yaşının son hüduduna qədər orduya çağırış yaşı məsələsinə də baxılması, məncə, daha düzgün ola bilər.
İkincisi, 1.0.3-cü maddədə göstərilir: “yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə”. Biz burada 29 yaşa qədər məhdudiyyəti qoyuruq, gənclərin inkarı kimi ortaya çıxır. Burada 35 yaşa, amma gənc şəxs deyəndə 29 yaşadək müəyyən olunur. Bu da məntiqsizdir. Burada nikaha girənlərdən birinin ən azı 29 yaşlı şəxs olması nəzərdə tutula bilər. Həyat yoldaşı yaşlı, amma özünün isə 27-28 yaşı ola bilər, bununla ailəyə şamil edilə bilər. Burada 35 yaş haradan götürülüb? Bunun açıqlandırılması olduqca çətindir.
Digər məsələ. 1.0.5-ci maddədə göstərilib ki, “ictimai birliklər və fondlar” “qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” sözləri ilə əvəz edilsin. Ümumiyyətlə, qanunda mötərizənin işlənməsi yaxşı hal hesab olunmur. Qeyri-hökumət təşkilatının içində ictimai birliklər də gedir, fondlar da. Bunların ayrıca göstərilməsinə nə ehtiyac var? Qeyri-hökumət təşkilatları kimi göstərilməsi gələcəkdə bütün ictimai birliklərin qeyri-hökumət təşkilatları kateqoriyasına daxil edilməsi daha məqsədəuyğun olardı.
Təklif olunur ki, 3.1-ci maddədə “reallaşdırılmasına” sözündən sonra “sosial problemlərin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına” sözləri əlavə edilsin. Nədir bu? Dövlət gənclərə vəkil tutmalıdır? “Hüquqlarının müdafiəsi” ümumi kateqoriyadır, bütün vətəndaşlara şamil edilir. Gənclərin ayrıca hüquqlarının təmin olunması, məncə, doğru deyil. Burada sosial problemlərin həllinə kömək göstərilməlidir. Məncə, belə daha məqsədəuyğun olar.
3.2.2-ci maddədə yazılan ”ümummilli problemlərin həllinə gənclərin səfərbər olunması” sırf totalitar bir düşüncənin məhsuludur. “Ümummilli problem” deyəndə nə anlaşılır? Ola bilsin, dövlət siyasətində ümummilli problem həll olunsun, amma hansısa gənci bu düşündürməsin, çünki müstəqil şəxsdir, bunu ümummilli problem hesab eləmir. Bu cür terminlər artıq hazırkı dövrün ruhuna uyğun deyil. Burada “intellektual və yaradıcılıq potensialının səmərəli istifadə olunması” sözlərini yazmaq daha yaxşı olar. Elə bil ki, tikintiyə səfərbərlikdən, mobil bir məqsədə səfərbərlikdən söhbət gedir. Kommunizm ruhlu termin kimi işlənə bilir.
Sonra, 5-ci maddəyə əlavələr edilib. Bu əlavələrdə göstərilən müddəalar 4.0.10-cu, 10.0.5-ci maddələrdə də əksini tapıb. Məncə, bunun təkrar olunmasına ehtiyac yoxdur. Bir də Gənclər Fondunun yaradılması nə məna daşıyır? Bu, ipoteka fondu və ya başqa fond deyil ki, sosial yardım və ya başqa məsələləri həll etsin. Dediyimiz kimi, fondlar qeyri-hökumət təşkilatlarının ilk ünsürü kimi qəbul olunursa, ayrıca gənclər fondu yaratmaq... Qanunda adı gənclər fondu olmayacaq, 5-6 fond olacaq, qanunda biri nəzərdə tutulduğuna görə bunu başqalarının yaratmasına əngəlliyə bilmərik. Məncə, konkret olaraq hansısa fondun yaradılacağı, onun adının qanunda göstərilməsi məqsədəuyğun sayıla bilməz.
Bir də, burada, 8.5-ci maddədə belə bir müddəa var: “...Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır”. Bu bizim Konstitusiyaya ziddir. Dövlətə aid mülkiyyət formasına şamil edilə bilər. Özəl müəssisədirsə, 1 ildən sonra bəlkə imkanları tamam məhdudlaşdı, kimisə orada işlətmək yararlı olmadı və ya müəssisə bağlandı, fəaliyyətini dayandırdı. Məncə, bu maddələrin ciddi şəkildə təftiş olunmasına ehtiyac var. Mən hesab edirəm ki, bir də gənclər evi məsələsinin saxlanması məqsədəuyğun deyil. Bu, müxtəlif adlar altında yaradıla bilər. Qanunda hansı müəssisənin, hansı sanatoriyanın, hansı fondun yaradılmasının göstərilməsi qanunvericilik baxımından doğru addım sayıla bilməz. Bunun yaradılmasına qanunda imkan verilir. Bunun adını qanuna niyə salırsınız? Bunu anlamaq olmur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar!
Sədrlik edən. Üzr istəyirəm, Məjlum müəllim. Biz səhər iclasında reqlamenti 5 dəqiqə müəyyən etdik. Bundan sonra bizim bir qanun layihəmiz də var. Etiraz yoxdursa, reqlament 5 dəqiqə qalsın.
M. Şükürov. Mən çalışacağam qısa danışım. Xüsusən də nəzərə alsaq ki, Fazil müəllim bir çox məqamlara toxundu. Mən də hesab edirəm ki, “Gənclər siyasəti haqqında” Qanuna edilən bu dəyişikliklər fundamental xarakter daşıyır. Gənclər sosial qrupunun müəyyən olunmasına yanaşma, yaş həddinin götürülməsi fundamental yanaşmanın əsas meyarıdır. Yəqin, razılaşarsınız ki, ümumiyyətlə, sosial qruplar arasındakı meyarın təyin olunması nisbi xarakter daşıyır. Bir çox ölkələrdə bu, çoxşaxəli parametrlərdən asılı olan bir məsələdir. Bu, təkcə sosial, müasir inkişaf səviyyəsi, yaş həddi ilə bağlı bir məsələ deyil. Yəqin, belə bir müqayisəni qəbul edərsiniz ki, Cəlil Məmmədquluzadənin dövründə 40 yaşında bir qadın, xüsusi ilə də kənd yerlərində əgər ağbirçək bir qadın təsəvvürü yaradırdısa, bu gün o, gənc olmasa da, cavan bir gəlin təəssüratı yaradır. Ona görə də bu yanaşmanı təkcə başqa ölkələrin praktikası ilə bağlamaq düzgün deyil. Ümumiyyətlə, cəmiyyətin, dövlətin inkişaf səviyyəsi ilə bağlıdır. Təklif olunan bugünkü səviyyə, mənə elə gəlir ki, qəbul olunandır.
Qanunda bir neçə dəyişikliklərə mən də münasibətimi bildirmək istəyirəm. Xüsusi ilə də 1.0.5-ci maddədəki dəyişikliyi mən çox vacib bir dəyişiklik hesab edirəm. Əgər fikir versəniz, görərsiniz ki, çox mühüm bir addım, gənc sosial qrupun gələcəkdə siyasiləşməsinə qarşı bir addım atılmışdır. Əvvəlki variantda ictimai birliklər və fondlar nəzərdə tutulurdusa, təklif olunan variantda birmənalı şəkildə qeyri-hökumət təşkilatları yazılmışdır. Bu da gələcəkdə məhz gənclərin komsomollaşdırılması, pionerləşdirilməsi iddiasında olan hər hansı qüvvələr üçün çox ciddi bir sipərdir.
Qanunun 4-cü maddəsinə təklif olunan dəyişiklikləri də yüksək qiymətləndirirəm. Mən həmkarımdan fərqli olaraq adının necə qoyulmasından asılı olmayaraq belə bir fondun yaradılmasını zəruri hesab edirəm. Arzu edirəm ki, bu fond da bu gün burada adı səslənən bizim Heydər Əliyev Fondunun taleyini yaşasın.
Bundan başqa, bilirsiniz ki, gənclərin bugünkü inkişaf səviyyəsi onların coğrafi yerləşdiyi mühitlə də bağlıdır. Yəqin, razılaşarsınız ki, kənddə yaşayan gənclərin bugünkü inkişaf səviyyəsi bəlkə də şəhərlə ayaqlaşmır. Ölkə siyasəti bu istiqamətə yönəlmişdir. İndiki məqamda bütün yaşayış məntəqələrində inkişafı eyni səviyyəyə, şəhər səviyyəsinə yüksəltməyə çalışmaq lazımdır. Bunun üçün qanunda bir neçə dəyişiklik də çox yerindədir. Xüsusi ilə 9-cu maddədəki dəyişikliklər, yəni gənclər evinin yaradılması... Buraya bir əlavə olunmasını xahiş etmək istəyirəm. Belə bir şəbəkənin yaradılmasından söhbət gedir, amma həmin şəbəkənin Azərbaycanın coğrafiyasını nə qədər əhatə etməsi qeyd olunmamışdır. Ona görə də məhz “gənclər evi” sözlərindən əvvəl “bütün inzibati ərazi vahidlərində belə evlərin yaradılması”nı, – adı başqa cür də ola bilər, – vacib hesab edirəm.
8.4-cü maddədəki dəyişiklik də, hesab edirəm ki, çox yerindədir. Burada xüsusi olaraq kənd gənclərinin mənafeyi qabardılır və fermer təsərrüfatı ilə məşğul olan gənc kəndlilərə əlavə imtiyazların verilməsi nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən 9.1-ci maddədə də edilən dəyişiklik yerindədir. Oraya bir kiçik əlavəni təklif etmək istərdim. Yenə də kənd gənclərinin inkişaf səviyyəsini sürətləndirmək məqsədi ilə “yaşayış evi tikmək və ya mənzil almaq və təsərrüfat yaratmaq üçün, xüsusi ilə də kənd yerlərində” sözləri əlavə olunsun. Diqqətinizə görə təşəkkür edirəm. Mən bu qanun layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Vahid Əhmədov.
V. Əhmədov. Bəli, iki sualım var, Ziyafət müəllim. Birincisi, yaşın 35-dən 29-a endirilməsinin mənası nədən ibarətdir? Beynəlxalq təşkilatların ideyasıdır, yoxsa Azərbaycan xalqının genetik mövqeyi ilə əlaqədardır? Bunu aydınlaşdırmaq lazımdır. Bu qanunda dəyişiklik edib yaşı 35-dən 29-a salsaq, digər qanunlarda da çoxlu dəyişikliklər etməliyik. Fazil müəllimin qeyd etdiyi kimi, hərbi çağırışla əlaqədar məsələlərdə də nəzərə alınmalıdır. Biz gəncləri 35 yaşına kimi hərbi qulluğa çağırırıq.
İkinci. Əgər 1.0.2-ci maddəni qəbul etsək, onda 1.0.3-cü maddədə də göstərilən 35 yaşı gərək 29 yaşa endirək. Bir də 13-cü maddədə proqramların qəbulundan söhbət gedir. Hansı proqramlar nəzərdə tutulur? Dövlət proqramı, sosial proqramlar və ya özəl proqramlar var və sair. Bunları konkret göstərmək lazımdır. Gənclər evi ilə əlaqədar. Gənclər evi deyəndə nə nəzərdə tutulur? Gənclər evi diskoteka da, qumarxana da ola bilər və digər sahələr də ola bilər. Bunu açmaq lazımdır, görək, gənclər evi nə deməkdir və bunu buraya yazmaqla biz hansı gənclər evini nəzərdə tuturuq? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, Sizin suallarınıza cavab verəcəklər. Arayış üçün məlumat verim ki, bizim hörmətli nazir Azad Rəhimov və onun müavini İntiqam Babayev iclasda iştirak edirlər. Yaş məsələsi ilə, gənclər evi və digər məsələlərlə bağlı suallara aydınlıq gətirəcəklər. Amma bir məsələyə aydınlıq gətirmək istəyirəm. Fazil müəllim də, Siz də bu məsələni qaldırdınız. İndiyə qədər 35 yaşınadək şəxsin gənc kimi müəyyən olunmasının orduya çağırışla heç bir əlaqəsi yoxdur. Biz orduya çağırışı 35 yaşadək ona görə etməmişik ki, 35 yaş gənclik yaşıdır. Biz ona görə 35 etdik ki, Azərbaycan Konstitusiyasına görə əsgəri xidmət hər bir Azərbaycan vətəndaşının borcudur. Maksimal yaş həddi qoyulub ki, sən haraya getsən də, bu borcu verməlisən. Yaş həddi 29 da, 30 da ola bilər. Bunun gənclərə aidiyyəti yoxdur. Burada məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı hərbi borcunu yerinə yetirsin. Türkiyədə 40-42 yaşından sonra orduya çağırırlar. Bu məsələdə gənc yaş ilə orduya çağırış arasında düz mütənasiblik yoxdur. Bu, tamamilə başqa bir məsələdir. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Əvvəlcə qeyd edim ki, gənclik Azərbaycanın strateji resursudur və gəncliyin inkişafı, mütərəqqi meyilləri ilə bağlı istənilən hər hansı bir sənədi məmnuniyyətlə qəbul edirəm və ona səs verəcəyəm. Belə sənədlərin mükəmməl olması üçün bəzi məqamların nəzərə alınmasını vacib hesab edirəm.
Birinci, əgər söhbət gənclər siyasətindən gedirsə, gənclər siyasətinin müasir dövrün tələblərinə cavab verən konsepsiyası ortada olmalı, həmin konsepsiyaya uyğun surətdə hüquqi təminatda dəyişikliklər edilməli idi. Əgər dediyim məqamlar nəzərə alınsa, burada qaldırılan sualların xeyli hissəsi qaldırılmaz. Ona görə də bütün dəyişikliklərin, o cümlədən hüquqi təminat məsələsinin konseptual əsasları işlənib, hazırlanıb təqdim edilməlidir, ondan sonra həmin dəyişikliklərin nə qədər məntiqi olması öz əksini tapmalıdır.
İkinci, aydın məsələdir ki, gənclik yaşının 34-dən 29-a endirilməsi beynəlxalq təcrübəyə əsaslanır. Amma burada mən rəqəmlərdən çıxış edərək bəzi məqamları nəzərə çatdırmaq istəyirəm. Əvvəlki variantda gənclərin sayı 2 milyon 990 min, yəni 3 milyona yaxın idi. İndi yeni dəyişiklikdən sonra gənclərin sayı 2 milyon 264 min olur. Deməli, yerdə qalan 366 min, yaxud da 400 minə yaxın gəncə münasibətdə Azərbaycan qanunvericiliyi ilə müəyyən olunan güzəştlər tətbiq olunmayacaq. Bunu kompensasiya etmək üçün kreditlərin verilməsi və gənc ailələr məsələsi nəzərə alınıb. Amma açıq deyək ki, qanunun məntiqindən çıxış etsək, əgər gənclik yaşı 29 yaşdırsa, gənc ailə məsələsində 35 yaşın saxlanılması məntiqə uyğun deyil. Amma hər halda güzəştlərin tətbiq edilməsi nöqteyi-nəzərindən bəlkə də keçid məqamı kimi bunu nəzərə almaq, sonradan təkmilləşdirmək olar. Burada söhbət 400 minə qədər insanın güzəştlərinin ləğv edilməsindən gedir. Bunu birdən-birə ləğv etmək düzgün deyil. Hər halda keçid məqamı kimi qalmasını mən də vacib hesab edirəm. Amma açıq deyirəm ki, məntiqə uyğun deyil.
Ciddi məsələ ondan ibarətdir ki, bu qanuna edilən dəyişiklikləri qəbul olunandan sonra başqa qanunlarda da əlavə və dəyişikliklərə ehtiyac olacaq. Birinci, Dövlət Statistika Komitəsinin əhalinin yaş qrupları üzrə bölgüsü heç vaxt gənclərin tam sayını hesablamağa imkan vermir. Köhnə variantda da, təzə variantda da imkan vermir. Bu, məxfi bir material deyil. Hər bir Azərbaycan vətəndaşının hüququ var ki, Azərbaycanda gənclərin sayını bilsin. Mən təklif edirəm ki, ilk növbədə gənclərin sayının müəyyənləşdirilməsinə imkan olsun.
İkinci məqam ondan ibarətdir ki, ipoteka kreditlərinin verilməsi ilə bağlı 2007-ci il 23 yanvar tarixli fərman var. Həmin fərmana görə gənc ailənin üzvü olan aşağıdakı şəxslərə ipoteka krediti verilir: şəhid ailələrinin üzvü olan ər-arvad, övladları, milli qəhrəman, məcburi köçkün və sair. Görürük ki, ipoteka kreditlərinin verilməsində ziddiyyət var. Əgər bu məqamlar qəbul olunacaqsa, mütləq və mütləq ipoteka kreditlərinin verilməsi ilə bağlı qanunvericilikdə, normativ aktlarda problem yaranmasın deyə düzəliş edilməlidir, buna ehtiyac var. Üçüncü məqam, gənclərə dair proqramda nəzərdə tutulan vəsaiti gənclərin sayına böləndə 2 manat alınmır. Burada xeyli dərəcədə maliyyə tələb olunur. Həmin maliyyə nə vaxt ayrılacaq? May ayında büdcəyə baxılan zaman mütləq buradakı maliyyə...
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, bildiyiniz kimi, “Gənclər siyasəti haqqında” Qanuna əlavə və dəyişikliklər cənab Prezident tərəfindən 2007-ci ilin “Gənclər ili” elan olunmasına bir töhfədir. Bu proqramların həyata keçirilməsi üçün mövcud olan qanuna əlavə və dəyişikliklərin edilməsi onun daha da zənginləşməsinə, daha çevik bir mexanizmə çevrilməsinə şərait yaradan bir zərurətdən irəli gəlmişdir. Bu qanun Sosial siyasət daimi komissiyasında çox ciddi müzakirələrdən keçmişdir. Bundan sonra bu qanuna əlavə və dəyişikliklər Gənclər və İdman Nazirliyində hörmətli Azad müəllimin iştirakı ilə, müxtəlif gənclər təşkilatlarını təmsil edən gənclər və gəncliyin digər təbəqələrini təmsil edən nümayəndələr tərəfindən çox geniş müzakirə obyektinə çevrilmişdir. Orada təkliflər, iradlar söylənilmiş, dinlənilmiş və həmin təklif, iradlar əlavə və dəyişikliklərdə öz əksini tapmışdır.
“Gənclər siyasəti haqqında” Qanuna əlavə və dəyişikliklər haqqında Əkrəm müəllim çox geniş və ətraflı məlumat verdi. Burada üç əsas prinsipial məqam var. Həmin məqamlar bunlardır: yaşı 14-dən 29-dək olan şəxslərin gənc sayılması, gənclər fondunun yaradılması və 10-cu maddədə deyildiyi kimi, gənclər siyasəti sahəsində proqramların həyata keçirilməsinin gənclər təşkilatına həvalə edilə bilməsi. Yəqin ki, bu suallara geniş cavab veriləcəkdir. Müzakirə zamanı belə aydın oldu və hamı da bununla razılaşdı ki, gənclərin yaşının 35-dən 29-a endirilməsi zərurətdir. 35 yaş müəyyən edilməsi müxtəlif beynəlxalq təsisatlarda, sənədləşmədə və digər sahələrdə bizə çox maneçilik törədirdi. Ziyafət müəllim, Siz də burada çox doğru qeyd etdiniz ki, 35 yaş şəxsin hərbi xidmət keçməsini şərtləndirən amil deyil. Hər bir kəsin borcudur və bu da həyata keçirilməlidir.
Bu qanuna əlavə və dəyişikliklərin edilməsinin digər zəruriyyətlərini də qeyd etmək istəyirəm. Biz bunu geniş müzakirə etmişik və fikirlərimizi də demişik. Ancaq bir neçə misalla bir daha xatırlatmaq istəyirəm. Məsələn, 9-cu maddəyə, gənc ailələrə dövlət yardımı haqqında maddəyə əlavə olunub ki, “güzəştli ipoteka kreditləri və ssudalar verilə bilər”. Əvvəlki variantda bu “güzəştli kreditlər və ssudalar” şəklində ifadə olunmuşdu. Əgər bizim bu gün ipoteka haqqında gözəl qanunumuz varsa, bu qanundan gənclər də yararlanmalıdırlarsa, köhnə qanun nəyə görə qalmalıdır və oraya “güzəştli ipoteka krediti” sözləri əlavə olunmamalıdır?
8-ci maddədə “Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən” sözlərindən sonra “o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə” sözləri əlavə edilir və ardı gəlir: “məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və güzəştli kreditlərlə ilk növbədə təmin olunurlar”. Buraya əlavə olunub ki, fermer təsərrüfatı və digər sahibkarlıq növü ilə də məşğul ola bilərlər. Bəli, bu gənclərin müəyyən gücü, potensialı ola bilər ki, onlar ucqar kəndlərdə, sərhədyanı ərazilərdə yeni istehsal sahələri yarada bilər, sahibkarlıq subyekti yaradaraq burada fəaliyyətlə məşğul ola bilərlər. Bunun özü də bir yenilikdir.
Burada səsləndi, mən buna da bir fikir bildirmək istəyirəm. “Gənclər siyasəti sahəsində proqramların həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər”. Doğrudan da, Əkrəm müəllim qeyd etdi, müəyyən proqramlar gənclər təşkilatlarına həvalə edilə bilər. Möhtərəm Prezidentimizin də bu ili “Gənclər ili” elan etməsi və gənclərə həmişə önəm verməsi, onların dövlət idarəetmə sistemlərində irəli çəkilməsi və potensialının üzə çıxarılması, həmin layihələrin də həyata keçirilə bilməsi imkanını açıq ortaya qoyması ümdə şərtlərdən biridir. Bu baxımdan qanuna əlavə və dəyişikliklər edilmişdir.
Mən də hesab edirəm ki, gənclər ilinə töhfə olaraq bu əlavə və dəyişiklikləri biz qəbul etməliyik və deputat həmkarlarımı bu əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Bizim qanunlar zamanın tələbinə uyğun olaraq çox çevikdir. Zamanı gələrsə, günün, zamanın tələbinə uyğun olaraq yenə müasir dəyişikliklərə ehtiyac duyularsa, biz bu dəyişiklikləri etməyə hazır olarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən ilk növbədə vurğulamaq istəyirəm ki, bu gün haqqında söhbət etdiyimiz “Gənclər siyasəti haqqında” Qanun uzun zaman Azərbaycan gəncliyinin, gənclər təşkilatlarının bəlkə də zəhmətinin bir növ bəhrəsidir. Burada əyləşən deputat həmkarlarım, xüsusi ilə gənclər hərəkatından çıxmış deputat həmkarlarım məni müdafiə edərlər. Milli öndərimiz hakimiyyətə gəldikdən sonra Gənclər və İdman Nazirliyi haqqında qərar qəbul etdi və bu nazirlik yaradıldı. Bəlkə də həmin vaxtlar xəyal edirdik ki, nə vaxtsa belə bir qanun qəbul olunacaq. Lakin həm dövlətin apardığı düzgün siyasət, həm Prezidentimizin dövlət gənclər siyasəti istiqamətində göstərdiyi iradə, həm də gənclərin özlərinin apardıqları iş nəticəsində belə normativ-hüquqi aktlar qəbul olundu. Bunlardan biri də “Gənclər siyasəti haqqında” Qanundur. Bu gün edilən əlavə və dəyişikliklər həmin qanunu daha da mükəmməlləşdirəcək, təkmilləşdirəcək və həm gənclərin sosial-iqtisadi problemlərinin həllinə, elm və təhsil potensialının artırılmasına, intellektual imkanlarının genişləndirilməsinə, həm də onların dövlət quruculuğu siyasətinə yaxından cəlb edilməsinə öz müsbət töhfəsini verəcəkdir. Ona görə də mən məmnuniyyət hissi ilə bəri başdan qeyd etməliyəm ki, bu dəyişikliyə səs verəcəyəm. Bu əlavə və dəyişikliklər uzun müddət müzakirələr nəticəsində ortaya çıxmışdır.
Burada bir neçə məsələyə, o cümlədən yaş senzinə, fond haqqında təkliflərə, gənclər təşkilatlarının bu prosesdə yaxından iştirakı məsələsinə diqqət yetirildi. Biz dəfələrlə müzakirə edirdik ki, yaş senzi 35-dən 29-a endirilməlidir. Bu həm BMT-nin strukturlarına, həm onun qəbul etdiyi hüquqi-normativ aktlara, həm də beynəlxalq təcrübəyə uyğundur. Təsəvvür edin ki, 35 yaşında bir şəxs 17-18, yaxud 20 yaşlı bir şəxslə bəzən müəyyən bir proseslərdə iştirak edir və gənclər siyasətinin daşıyıcısı olurlar. Bu uyğunsuzluq aradan qaldırılmalıdır. Amma təbii, bizim həmkarların bəzilərini qayğılandırır ki, bu, “İpoteka haqqında” Qanunda öz əksini necə tapacaqdır? Burada sual verildi ki, bu, gənc ailələrə şamil olunmur, yəni yaşı 35-dək olan şəxslərin qurduqları gənc ailələrə şamil olunmur. Amma burada vacib bir məqam var. Yəni 35 yaşa çatan şəxs ailə qurmaya da bilər. Bu şəxs onda ipotekadan necə faydalanacaq? Yəqin ki, bu suallar həmkarlarımızı narahat edir. Hörmətli Əkrəm müəllim bu barədə, yəqin ki, öz fikirlərini bildirəcək. Eyni zamanda, hörmətli nazirimiz və nazir müavini öz fikirlərini əlavə edəcəklər.
Digər bir məsələ fond məsələsidir. Bəli, bu gün fondun yaradılmasına böyük ehtiyac var. Bu gün gənclərin böyük bir hissəsinin həm təhsillə, həm də onların bütövlükdə normal vətəndaş kimi formalaşması ilə bağlı müəyyən resurslara ehtiyacı var. Bu resursların bir qismi Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir, amma fond şəklində həyata keçirilsə, mənə elə gəlir ki, bu, proqramların həcmi, miqyası və effektivliyini daha da artırar. Ona görə də fondun yaradılmasını dəstəkləyirəm və hesab edirəm, fondun sonrakı mərhələlərdə əsasnaməsi də, nizamnaməsi də, idarə qaydası da qəbul olunmalıdır. Bu gün bir çox fondlar var. Bu fondların təcrübəsindən faydalanaraq həmin fondda şəffaflıq və kollegiallıq təmin olunsun. Hesab edirəm ki, gənclərin bu fondda iştirakı təmin olunmalıdır.
Sonrakı müddəalarla bağlı bir replika demək istəyirəm. Burada həmkarımız Fazil müəllim qeyd etdi ki, niyə 1.0.5-ci maddədə “qeyri-hökumət təşkilatları” sözlərinin əvəzinə “ictimai birliklər və fondlar” yazılıb? Mən demək istəyirəm ki, bu, qanunun adına, sadəcə, bir istinaddır. Ona görə də bu, sadəcə, qanunun adının təkrarı və onun istinadı kimi başa düşülə bilər.
Burada müəyyən təkmilləşdirmələrdən söhbət getdi. Həqiqətən də, köhnə variantda teatr, tamaşanın cəlb edilməsi sahəsində tədbirlər haqqında, hesab edirəm ki, əhəmiyyətli fikirlər var idi, çünki kimi isə zorla teatra, tamaşalara cəlb etmək olmaz. Bu hissə çıxarılır. Sahibkarlıq, təsərrüfat fəaliyyəti, fermer təsərrüfatı ilə bağlı, xüsusi ilə yerlərdə, regionlarda inkişafın dəstəklənməsi baxımından gənclərə yeni imkanlar yaradılır. Bunu da mən xüsusi əhəmiyyətli müddəa hesab edirəm. Nəhayət, sonda isə qeyri-hökumət təşkilatlarının da bu işə cəlb olunması...
Sədrlik edən. Sağ olun. Mən fikir verirəm, təkliflərin, iradların, demək olar ki, hamısı eyni məsələlərlə bağlıdır. Təkrarlar çoxdur. Əgər kim təkid edərsə, çıxış üçün söz verəcəyəm. Amma gəlin, belə edək, əvvəlcə gənclər və idman naziri Azad müəllimə söz verək. Qaldırılan məsələlərə münasibətini bildirsin və sonra kim çıxış etmək istəsə, davam edərik. Azad müəllim, buyurun.
A. Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Həqiqətən, mən ilk növbədə Sosial siyasət daimi komissiyasının üzvlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ona görə ki, bu layihə qısa bir müddətdə onların böyük köməkliyi ilə hazırlanmışdır. Bu işə görə mən nazirlik adından komissiyaya “sağ olun” demək istəyirəm. Sözsüz, burada qaldırılan məsələlər çox vacibdir. Bildiyiniz kimi, köhnə qanuna əsasən 16-35 yaşınadək gənclər bizim əhalinin 66 faizini təşkil edir. Azərbaycan gənc bir dövlətdir və bütün müzakirə olunan məsələlər, həqiqətən də, vacibdir. Toxunulan bəzi məsələlərə mən açıqlama vermək istərdim.
İlk növbədə yaş həddi ilə bağlı məsələ bizim hamımızı narahat edir. Biz bütün məsələlərdə dünya təcrübəsinə arxalanırıq. Azərbaycan xalqına məxsus olan meyarlar var. Amma yenə də qeyd etmək istərdim ki, hazırda Avropanın bütün ölkələrində yeganə Azərbaycanda gənclər üçün yaş həddi qanuna əsasən 35 yaş hesab olunur. 1985-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi qərara əsasən “gənc” anlayışı 15-24 yaş sayılır. Avropa İttifaqı tərəfindən 2000-2006-cı illər üçün qəbul edilmiş proqrama görə 15-25 yaşınadək şəxslər gənc sayılırlar. Yəni dünya təcrübəsinə görə və Avropada hal-hazırda qəbul olunan qanunlarda ən yüksək yaş həddi 29-dur. Niyə bu belə olur, belə yaş həddi qoyulur? Neçə illərdir ki, bizim Gənclər və İdman Nazirliyi fəaliyyətdədir, çoxlu tədbirlər, layihələr həyata keçirir. Mən sizi əmin edirəm ki, 30-35 yaşda olan gənc nazirliyin heç bir layihələrində, tədbirlərində iştirak etmir. Ona görə ki, müasir dövrdə 35 yaşda olan gəncin maraqlarının, onun hazırda qarşısında dayanan problemlərin formalaşmasında iştirak edə bilmirik.
Nəyə görə siz 16 əvəzinə 14 göstərilməsi məsələsinə toxunmursunuz. Ona görə ki, 14 yaşında 9,10,11-ci siniflərdə oxuyan uşaqlarla biz daimi ünsiyyətdə oluruq. Biz çalışırıq ki, gənclər siyasətini həyata keçirməklə bağlı bütün layihələr onları da əhatə etsin. Bizim üçün çox vacibdir ki, məktəb yaşlarında onlar nəyi əldə edə bilərlər, biz hansı məsələlərdə onların formalaşmasına köməklik göstərə bilərik? Bu bizim xalq üçün çox vacibdir.
Biz burada “gənc ailə” anlayışını saxlamışıq. Sözsüz, ilk növbədə düşünürük ki, bu yaxınlarda qəbul olunmuş ipoteka kreditləri 35 yaşınadək olan gənclərin qurduqları ailələr nəzərdə tutulub. Biz istəmərik ki, Milli Məclis tərəfindən qəbul olunan qanunla verilən güzəştlərdən yaş həddi 35-ə çatan gənc ailə istifadə edə bilməsin. Sözsüz ki, başqa gənc ailələr də var. Onlar üçün də müvafiq güzəştlər nəzərdə tutulmalıdır və onların maraqlarını da əhatə etməliyik. Amma mən qeyd etmək istərdim ki, hal-hazırda Azərbaycanda 35 yaş həddi ilə sıx bağlı belə bir qanun yoxdur. Deyək ki, əsgərlik ilə bağlı qanun “Gənclər siyasəti haqqında” Qanundan sonra qəbul olunub. Fikrimizcə, bununla əlaqədar heç bir qanunda dəyişikliklər edilməsi tələb olunmur.
“Gənclər evi” anlayışı haqqında fikirlərinizlə mən tamamilə razıyam. Biz bu maddəni bir balaca dəyişdirə bilərik. Müəyyən edilmiş qaydada “Gənclər sosial xidmət müəssisələri şəbəkəsi yaradılır”. Yəni “Gənclər evi” sözlərini götürmək olar. Yəni bu təklif bizim tərəfdən qəbul olunur. Gələcəkdə bunun digər adları da ola bilər. “Gənclər evi” nədir, diskotekadır, qumarxanadır? Mən buna da cavab vermək istərdim. Bizim belə bir layihəmiz var. Gənclər evi necə olmalıdır? Bunun açıqlamasını mən verə bilərdim. Orada ilk növbədə tədbirlərin, təlimlərin keçirilməsi üçün bir zal olmalıdır.
Bəzi hallarda regionlarda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təlim kursları keçirilərkən biz, sadəcə, toy çadırlarından istifadə edirik. Ona görə ki, gənclərlə tədbir keçirməyə regionlarda yerimiz yoxdur. Müasir dövrdə gənclər İnternetdən biliklər əldə edirlər, dünyadakı proseslərdən xəbərdar olurlar. Orada İnternet otağının yaradılması çox vacibdir. Gənclər evində kitabxana olmalıdır. Bu, ilk növbədə sadə də ola bilər, amma gələcəkdə elektron kitablarla tanışlıq da mümkün olardı. Gənclər evində vətənpərvərliklə bağlı bir otaq, yaxud da stendlər yarada, orada gənclərə vətənpərvərlik hissləri aşılaya bilərdik. Orada, hal-hazırda Bakıda fəaliyyət göstərən qaynar telefon xətti də yaratmaq olardı. Gənclər evində gənclərə hüquqla bağlı məsləhətlər vermək olardı. Sadəcə, biz istəyərdik ki, gənclərin regionlarda, Bakı şəhərində əsas mənzil qərargahı olsun. Gənclər burada kömək tapa bilsinlər. Onların bütün layihələrinə həmin gənclər evi dəstək kimi çıxış edə bilər. Hal-hazırda Azərbaycanda iki belə müəssisə tikilir. Biri Balakən rayonunda, biri də Lənkəran rayonunda. Biz istəyərdik ki, həmin müəssisələrin fəaliyyətini öyrənək, təhlil edək, gələcəkdə bütün rayonlarda, regionlarda belə bir müəssisə tikilsin.
Fondla bağlı demək istəyirəm ki, biz bu fondun bizim nazirliyin tərkibində yaradılmasını təklif etmişik. Sözsüz, hər bir ictimai birlik, hər bir mesenat belə fond yarada bilər. Amma bizim təklifimizlə bu fondun nazirliyin tərkibində formalaşdırılması, nazirlik tərəfindən təchiz olunması nəzərdə tutulub. Fond gənclərin bir çox layihələrini həyata keçirə bilməlidir. Hal-hazırda Gənclər və İdman Nazirliyi yeganə nazirlikdir ki, gənclər təşkilatlarına qrant verir və orada yaradılan komissiya layihələrə baxır, həmin layihələri maliyyələşdirir. Biz istərdik ki, gəncləri müxtəlif sahələrə cəlb etmək, onları daha da fəallaşdırmaq üçün fondun imkanları daha çox olsun.
Sonda demək istərdim ki, güzəştlərdən söhbət getdi. Azərbaycanın qanunlarında 29-35 yaşınadək gənclər üçün ipoteka kreditlərindən başqa heç bir güzəşt nəzərdə tutulmayıb. Gənclərin hansı güzəştləri itirəcəkləri tam məlum deyil. Vaxtınızı almaq istəmirəm. Əgər hansı məsələləri açıqlaya bilmədimsə, suallara cavab verməyə hazıram.
Sədrlik edən. Təşəkkür edirəm. Mənə elə gəlir ki, Azad müəllim çox məsələlərə aydınlıq gətirdi. Təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda siyahı üzrə çıxışlara davam edirik. Fəttah müəllim Heydərov, buyurun.
F. Heydərov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Doğrudan da, mühüm məsələ müzakirə olunur. Gəncliyin aşağı yaş həddi real həyatda nə qədərdir? Cəmiyyətdə, ümumiyyətlə, hər kəsin öz adı var. Uşaqlıq, sonra gənclik yaşı gəlir. Bu 14 yaş məsələsinin bizdə qəbul edilməsinin müəyyən bir əsası olmalıdır. Bunun bir faydası ola bilərmi? Nəyə görə 14 yaş qəbul edilməlidir, nə olur ki? İstərdim, bu məsələ bir qədər aydınlaşdırılsın. 14 yaşlı adamlara biz həmişə uşaq demişik.
Sədrlik edən. Təşəkkür edirəm. Fuad Muradov.
F. Muradov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Öncə dəyişiklikləri dəstəkləyən hər bir insana təkliflərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda gənclər hərəkatlarının, təşkilatlarının inkişafı 1995-ci ilin axırından başlayıb. Bu prosesdə ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub və Azərbaycan gənclərini, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarını hər zaman dəstəkləyib. İldən-ilə Azərbaycan gəncləri dinamik proseslərdə iştirak edirlər. Ona görə də qanuna belə bir dəyişikliklər edilməsi vacib idi. Neçə aydır həm Gənclər və İdman Nazirliyi, həm də Milli Məclisdə olan gənc millət vəkilləri bu qanuna dəyişikliklər və əlavələri müzakirə edirlər. Onu da qeyd etmək istəyirəm ki, təkcə iki qurum yox, həm də qeyri-hökumət gənclər təşkilatları bu aksiyalara qatılmışlar. Müxtəlif siyasi partiyaların gənclər təşkilatları da qatılmışlar. Demək istəyirəm ki, bu qanuna dəyişikliklər və əlavələr çox geniş miqyasda müzakirə olunmuşdur və çox dəyərli fikirlər var idi və fikirlərin əksəriyyəti də həmin dəyişikliklər və əlavələrdə öz əksini tapıb.
Bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Gənclər fondu ilə bağlı hörmətli nazir məlumat verdi. Bir daha dəqiqləşdirmək istəyərdim ki, gənclər fondunun yaradılmasının vacibliyi ondan ibarətdir ki, bütün dünyada belə fondlar mövcuddur. Bu fondun idarə olunması, onun hansı formada inkişaf etməsi artıq ikinci məsələdir. İlk məsələ ondan ibarətdir ki, dövlət tərəfindən gənclərə qayğı göstəriləcək, gənclər yerli fonddan, yerli maliyyədən bəhrələnə biləcəklər. Siz bilirsiniz ki, müxtəlif fondlar yaradılır. Xarici investisiya və ya digər qüvvələrin investisiyaları ilə yaradılan fondlar hər zaman olduğu kimi şəffaflığı gözləmirlər. Ona görə də belə bir fondun yaradılması və bu fondda yerli maliyyənin olması ilk öncə gənclər təşkilatlarına düzgün istiqamət verə bilər, onlar düzgün fəaliyyət göstərə bilərlər. Bu fəaliyyətdən, fonddan yararlanaraq məsuliyyət hiss edərlər ki, maliyyə dövlətdən gəlir və buna proqramları, layihələri çox ciddi düşünərək yanaşmalıdırlar. Ona görə də bu fondun olması çox vacibdir. Avropa məkanında Avropa gənclər fondu mövcuddur. Bildirmək istəyirəm ki, bu fondun təsis olunması məhz Avropa Parlamenti tərəfindən təklif edilib. Azərbaycanda belə bir ideyanın parlament tərəfindən gəlməsi çox müsbətdir. Belə praktika artıq dünyada var. Hesab edirəm ki, bu fondun inkişafı ilə bağlı müəyyən fikirlər ola bilər. Amma bu məsələni müsbət qarşılamağınızı xahiş edirəm.
İkinci, gənclər evi ilə bağlı məsələyə toxunuldu. Bunun ikinci adı gənclər mərkəzidir. Bu da Avropada çoxdan mövcud olan bir şəbəkədir. Burada əsas fəaliyyət gənclərlə bağlıdır. Əsasən, burada müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Siz bilirsiniz ki, bu gün Azərbaycanda çoxlu müxtəlif işlər görülür. Biz istərdik ki, Azərbaycan gəncləri də bu işlərdə fəal iştirak etsinlər. Onların proqramlarını, ideyalarını müzakirə etmək üçün məhz belə gənclər evinin olması vacibdir. Siz bilirsiniz ki, artıq Azərbaycan mərkəzə çevrilib. Bütün dünyadan qonaqlarımız gəlirlər. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili üçün bütün regionlarda belə gənclər evlərinin olması çox vacibdir. Bu da, təbii ki, ancaq dövlət tərəfindən təşkil olunmalıdır.
Üçüncü məsələ yaşla bağlıdır. Hörmətli həmkarlar bu məsələyə toxundular. Əlavə etmək istəyərdim ki, nəyə görə məhz bu yaş həddində üstünlük verilir? Birincisi, ona görə ki, bayaq vurğulandı, BMT praktikasında bu yaş mövcuddur. Biz istəyərdik ki, bizim gənclər də həmin beynəlxalq proqramlarda iştirak etsinlər. Əgər biz yaşı dəyişməsək, müəyyən qlobal layihələrdən bizim gənclərimizi məhrum edə bilərik. Həmçinin də məktəbdə oxuyan gənclərdən də söhbət gedir. Ona görə də bunun dəyişməsi, hesab edirik ki, vacibdir. Ona görə ki, həm yerli proqramlarda, həm müxtəlif BMT səviyyəsində, həm də Avropa İttifaqı səviyyəsində gedən tədbirlərdə gənclər iştirak edə bilsinlər.
İkinci səbəbi cənab nazir vurğuladı. Üçüncü, Azərbaycan gənclərinin potensialı çox yüksəkdir. Hesab edirəm ki, Azərbaycan gənclərimiz intellektual səviyyələrinə görə çoxlu gənc təbəqədən çox-çox irəli gediblər. Ona görə də bu qanuna dəyişikliklər və əlavələrin qəbul olunmasını sizdən xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Qənirə Paşayeva.
Q. Paşayeva. Deyəsən, millət vəkillərimiz, xüsusi ilə də kişilərimiz çox yorulublar. Amma hər halda bizi dinləsələr, yaxşı olar. Biz bir-birimizi dinləməyi bacarmalıyıq. Mən, birincisi, bu dəyişikliklər və əlavələrə səs verəcəyəm, çünki bu çox vacib və zəruridir. Bəzən insanlarımızda müxtəlif fikirlər yaranır. Kənd rayonlarına kim gedir? Mən kənd rayonunu təmsil edən millət vəkiliyəm. Kənddə gənclər harada olurlar? Çayxanalarda. Çayxanalarda nə gənclik yetişəcək? Çayxanalarda yetişən gənclik mənəviyyatsız olacaq. Siz Daxili İşlər Nazirliyinin, polis şöbələrinin məlumatlarından bilirsiniz ki, alkoqolizm sürətlə yayılır. Təbii, gənclər evinə çox böyük ehtiyac var. Mən hesab edirəm ki, may ayında hökumətin sənədləri burada müzakirə edilərkən artıq bu sənəd də qəbul olunacaq. Biz gənclər evlərinin yaradılması ilə bağlı vəsait ayırmalı və bu işə dəstək verməliyik.
İkinci vacib məsələ informasiya məlumat bankının yaradılmasıdır. Cənab nazir də buradadır, biz onunla bir neçə dəfə görüşmüşük. Mən bu məsələləri də ona demişəm. Amma bir də deyim. Bu sahədə vəziyyət yaxşı deyil, mən bunu Azad müəllimə də demişəm. Məsələn, mən öz rayonumda gənclər təşkilatları ilə görüşürdüm. Bu sahəyə cavabdeh adamlar bilmirlər ki, rayonda təxminən nə qədər gənc var, onların neçəsi işsizdir, hansı sahədə nəyə ehtiyac var? Əgər bu maddəni də qəbul ediriksə, bu işlərin çox ciddi şəkildə aparılmasına ehtiyac var, çünki bu araşdırmalar olmadan biz hansısa bir siyasətin yürüdülməsindən ciddi şəkildə danışa bilmərik.
Digər bir məsələ. Cənab Prezident İlham Əliyev gənclərlə bağlı çox böyük addımlar atır. Amma buna bizim bütün təşkilatlarımız dəstək olmalıdırlar. Mən bircə məsələni vurğulayım. Mən bunu həmin adamın özünə də demişəm. Demişəm ki, parlamentdə də danışacağam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə rayonda cəmi bir mərkəz yaradır. Müəyyən sahədə bilikləri olan gənclərlə bağlı yerlərdə treninqlər keçirməklə onlara sənət öyrədilməli, onlar işə cəlb olunmalıdırlar. Regional mərkəzlər yaradılır. Tovuz rayonunun 73 kilometr uzunluğunda sərhəddi var. Digər rayonlardan fərqli olaraq iş adamları bu rayona gəlməkdə çox maraqlı deyildirlər, özəl sektor o qədər inkişaf eləməmişdir və burada açılan hər iş yeri çox önəmlidir. 6-7 aydır ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri sovet dövründən yarımçıq qalmış bir binanı vermək... Burada nə qədər adam işləyəcək, nə qədər gənc yetişəcək. Hər dəfə mən də müraciət eləyəndə dedi ki, sabah imzalayacağam, 15 günə, 50 günə imzalayacağam, nə qədər gecikir. Bu məsələlərlə bağlı bizim bütün təşkilatlarımız çox önəmli işlər görməlidirlər.
Digər bir məsələyə də aydınlıq gətirək. İpoteka, gənclərə güzəştlər. Amma bu güzəştlərdən, ipotekadan yararlanan gənclərimizin bir hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Onların gündəlik maaşı yoxdur. Amma onlar da ildə məhsul əkirlər, becərirlər, pul qazanırlar. Onların bundan yararlanması mexanizmi pis səviyyədədir. Mən çox xahiş edirəm, cənab nazir bu məsələyə aydınlıq gətirsin. Bu məsələdə bəlkə başqa mexanizmlərə də ciddi ehtiyac var.
Mən sonda bir daha hamını bu sənədi dəstəkləməyə çağırıram və düşünürəm ki, bunu qəbul edəcəyik. Amma ən önəmli məsələ maliyyə mənbələrinin ayrılması və bu məsələlərə xüsusi ilə rayonlarda ciddi nəzarət edilməsidir. Bəzi tədbirlər, mən Azad müəllimə də demişəm, formal keçirilir. Mən siyahı istədim, bir xeyli tədbirlər siyahısı göstərdilər. Mən gənclərdən soruşdum, heç həmin tədbirlərdən rayonda xəbəri olan yoxdur. Şöbənin müdirindən soruşuram, hansı tədbiri keçirmisiniz? Deyir ki, hansı isə məktəbdə keçirilib. Üzdə olan 15-20 gənc yığışır, eyni mövzuları özləri danışırlar. Bu, gənclərlə bağlı iş deyil. Regionlarda gənclərlə bağlı iş aparılmalıdır. Birbaşa bölgələrdə, kəndlərdə tədbirlər keçirilməlidir. Rayon mərkəzlərində adi tədbirlər keçirilir, belə olmaz. Mən inanıram ki, bu işlər belə də gedəcək.
Sədrlik edən. Sağ olun. Ərəstun müəllim, sualınız varsa, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər səsə qoymaq istəyirsinizsə, deputat yoldaşlarınızdan xahiş edin, sözlərini geri götürsünlər. Axı, mən necə onların sözünü kəsə bilərəm?
Ə. Cavadov. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım, hörmətli Azad müəllim! Siz bu gün gələcəkdə gənclər evləri tikmək üçün bir neçə rayonun adını çəkdiniz. Dediniz ki, rayonlarda gənclər mərkəzləri fəaliyyət göstərəcəklər. Amma mən sizə bildirmək istəyirəm ki, il yarımdır, mənim tərəfimdən Ağsu rayonunun mərkəzində gənclər evi yaradılıb. Adı da Gənclər mərkəzi gedir. Bunun yaradılmasına nə qədər müvəffəq olduğumuzu deyə bilmərəm. Hal-hazırda bu mərkəz fəaliyyətdədir və mərkəzdə təxminən 13 nəfərə qədər müəllim iştirak edir və onların da əmək haqları hələlik mənim şəxsi vəsaitim hesabına ödənilir. Yəni demək istəyirəm ki, artıq Ağsuda il yarım bundan əvvəl belə bir işə başlamışam. Sizdən xahiş edirəm ki, öz nümayəndənizi Ağsu rayonuna göndərin, həmin mərkəzin işi ilə məşğul olsun, fəaliyyət göstərən mərkəzin bəzi çatışmayan cəhətlərini göstərsin, işçiləri tərəfinizdən təlimatlandırılsın və öz işini daha da gücləndirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Milli Məclis deputatları, mən də bu qanun layihəsinə səs verəcəyəm. Doğrudan da, aktual, vacib bir qanun layihəsidir. Mən də 10 il gənclər birliyinin sədri işləmişəm. Gənclərə daim diqqət və qayğı, onların işlərinin təşkil olunması və sair vacib elementlərdəndir. Son dövrlərdə də Gənclər və İdman Nazirliyi tərəfindən, doğrudan da, hərtərəfli şəkildə rəngarəng tədbirlər həyata keçirilir, istər gənclərin tərbiyəsində, istərsə də ayrı-ayrı sahələrdə və sair ciddi iş aparılır, Prezidentimizin gənclər siyasəti bu işlərdə öz əksini tapır və yerinə yetirilir.
Mənim bir neçə məsələyə xüsusi yanaşmam var. Burada deputat həmkarlarım da bu məsələləri qeyd etdilər. Birincisi, yuxarı yaş həddi ilə mən razıyam, hətta 29 da çoxdur, 28-ə endirmək olar. 18 yaşla 30-35 yaş arasında çox böyük fərq var. Biri gəncdir, digəri ailə qurub, 3 uşaq atasıdır, hər ikisi eyni vaxtda gənc ola bilməz. Amma aşağı həddi 14-ə salmaq, hesab edirəm, bizim qanunvericiliyimizə ziddir. Ziyafət müəllim, Siz özünüz də hüquqşünassınız. Bizim istər Cinayət Məcəlləsində, istər Mülki Məcəllədə, istərsə də digər sahələrdə yaş həddi 16-dan götürülür. Amma burada 14-dən götürülür.
İkinci tərəfdən, 14 yaşından 16 yaşa qədər olan dövr artıq Təhsil Nazirliyinin səlahiyyətinə daxil olan bir məsələdir. Tutaq, 14 yaşında bir uşaq orta məktəbdə oxuyur, onun təlimi də, tərbiyəsi də, potensialının üzə çıxarılması da, digər hallar da orta məktəbə məxsusdur. Biz deyə bilmərik ki, hamı ali təhsil almalı, universitetlərə, texnikumlara qəbul olunmalıdır. Amma orta məktəb həddini keçəndən sonra digər bir strukturun səlahiyyətinə daxil olan məsələdir. Biz bu məsələləri bir-biri ilə qarışdırırıq. Burada yaş həddi 16 olmalı və digər qanunlarımızla da uzlaşmalıdır.
Bundan sonra biz başqa bir qanun layihəsini müzakirə edəcəyik. Orada göstərilir ki, uşaq koloniyalarında uşaqlar 16 yaşına qədər saxlanılır. 14 yaşına qədər yox. Növbəti qəbul edəcəyimiz qanunun predmeti olan məsələyə toxunuram. Nəyə görə bu yaş həddini 14-ə salmışıq? Avropada belə ola bilər, Şərqdə belə ola bilər, Qərbdə belə ola bilər, sonra nikah yaş həddi var və digər yaş hədləri var, bu baxımdan hesab edirəm ki, 14 yaşı biz 16-ya qaldıra bilərik və 16 yaş həddindən bunu götürsək, daha məqsədəuyğun olar.
Məsələn, 4.0.12-ci maddədə deyilir: “İstedadlı və yaradıcı gənclərin aşkar edilməsi...” Əslində, bunu belə vermək olar: “İstedadlı və qabiliyyətli gənclərə köməkliklərin olunması, onların potensialından istifadə”, “aşkar olunması” kimi sosializm terminlərindən, hesab edirəm ki, çəkinməliyik. Əgər o, istedadlıdırsa, artıq üzdədir də, haradan aşkar eləyək, qazıntı aparıb yerdən çıxarmayacağıq ki, bu, aşkar olunsun?
Digər bir məsələ, 9-cu maddədə belə bir əlavə var: “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili...” “Asudə vaxt” nədir? İndi mülkiyyət münasibətləri dəyişib. Keçmişdə bir mülkiyyət münasibəti var idi, indi özəl sektor, özəl mülkiyyət var. Biri asudə vaxtı futbol oynayır, o biri gedib çayxanada işləyib ailəsinə pul gətirir. Bu, mülkiyyət münasibətləri ilə bağlı olan bir məsələdir. Ona görə də mülkiyyət münasibəti ilə bağlı olan bir məsələni qanuna sala bilmərik. Pulun varsa, gedib ödəyirsən, idmanla da məşğul ola bilərsən, qayıq sürə bilərsən, bu da asudə vaxtın keçirilməsidir. Mülkiyyət münasibətlərinin buraya daxil edilməsinə baxmalıyıq, Konstitusiyada göstərilən mülkiyyət münasibətləri öz əksini tapmalıdır.
13-cü maddədə göstərilir ki, gənclərin hərbi xidmətdə olmaları və sair ilə əlaqədar iş yerləri saxlanılmalıdır. Mən hesab edirəm ki, burada dövlət idarəsində çalışan gəncdən söhbət gedə bilər. Mülkiyyətçiyə sən deyə bilməzsən ki, onun yerini saxla, əsgər gedir, qayıdıb gələcək. Bazarda satıcıdır, bazarkom onun yerini gözləməlidir? Bu yer neçə il qalmalıdır, gələndən sonda təzədən onu işə götürməlidir? Bu münasibətlər dövlət idarəsində çalışan insanlara şamil oluna bilər. Müəllimdirsə, həkimdirsə, hərbi xidmətə çağırılırsa, qayıdandan sonra öz işinə bərpa oluna bilər. Kommersiya strukturunda, özəl sektorda çalışırsa, bu, tamam başqa məsələdir. Bu gün çalışır, sabah yox, bu, müqavilə əsasında olan bir işdir. Müqavilə ilə fəaliyyət göstərir. Ona görə mən bütövlükdə bu qanunun qəbul olunmasına səs verəcəyəm, biz dünya təcrübəsindən də, başqa-başqa ölkələrdən də misal gətiririk. Azərbaycanın öz milli psixologiyası, mentaliteti var və bu mentalitetə uyğun olaraq da yaş həddi müəyyənləşməlidir, ona uyğun qərar qəbul olunmalıdır.
Sədrlik edən. Aydındır, sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təbii, təqdim edilmiş qanun layihəsini mahiyyət etibarı ilə dəstəkləyirəm, müdafiə edirəm və düşünürəm ki, hər bir Azərbaycan ailəsi üçün, eyni zamanda, millət vəkillərinin hər biri üçün həmin qanunun bu və ya digər dərəcədə əhəmiyyəti var. Həmin qanun təkcə bu gün gənc yaşlarında olan insanlara deyil, gələcək nəsillərə xidmət edən qanundur. Biz çalışmalıyıq ki, Azərbaycanın gələcəyi olan gənclərin cəmiyyətdə yerini və rolunu yüksəltmək üçün qanunu təkmilləşdirək. Gənclərə yeni imkanlar vermək, onların potensialının reallaşdırılması üçün qanunvericilik bazasını təkmilləşdirməliyik. Bu baxımdan təqdim edilmiş qanun layihəsini müsbət dəyərləndirirəm. Bununla bərabər bəzi məqamlarla bağlı fikirlərimi diqqətinizə çatdırmaq istərdim.
Bu, hər şeydən əvvəl 1-ci maddəyə aiddir. “Əsas anlayışlar”da yaşı 14-dən 29-dək olan şəxslər gənc adlandırılır. Mənə elə gəlir ki, bizim hər birimizdə bununla bağlı konkret təsəvvürlər var. Yəni hər bir insanın özünün uşaq yaş həddi, yeniyetmə yaş həddi, gənclik yaş həddi var və sonrakı hədlər də öz-özünə gedir, artıq hədlərə bölünmür, insanın həyatı davam edir. Bir qayda olaraq uşaqlıq yaş həddi 12 yaşa qədər hesab olunur. 12-16 yaşına qədər yeniyetmə hesab olunur. 16 yaşdan sonra isə gənclik yaş həddi hesab olunur. Azərbaycanın bir sıra qanunvericilik aktlarında nəzərə alınır ki, gənclik yaş həddi 18-dən sonra götürülür, 18 yaşına çatmayan qız uşaqları nikaha götürülmürlər. Deyirlər ki, hələlik yeniyetmə yaş həddindədir. Belə məsələlərin hamısı, ola bilər ki, gələcəkdə bu qanunla tənzimlənəcək. Mən təklif edirəm ki, gənclik yaşı 16-dan 29-a qədər götürülsün. Burada deyildiyi kimi, BMT-nin, Avropa İttifaqının sənədlərində 29 götürülür. Azərbaycanın xüsusiyyətlərini, burada insanların, oğlanların, qızların formalaşması, bu formalaşmaya iqlimin və digər amillərin təsirini də nəzərə alsaq, bunu 16-29 yaş götürə bilərik. 1.0.3-cü maddədə gənc ailə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə hesab edilir. Nə üçün? Əgər biz gənclik dövrünü 29 yaşa qədər götürürüksə, nə üçün onda ailələri qocaldırıq? Biz, əslində, ailələrin qocalmasını stimullaşdırırıq. Biz çalışmalıyıq, insanlar tez ailə qursunlar ki, öz problemlərini Azərbaycan cəmiyyətinin qanunlarının və imkanlarının vermiş olduğu şəraitə uyğun həll edə bilsinlər. Ona görə mənə elə gəlir ki, 35 yaş həddi 29 yaşa endirilməlidir. Mən bunu təklif edərdim.
Burada edilən əlavələri dəstəkləyirəm, müdafiə edirəm. Qanuna əlavələr, əslində, gənclərin intellektinin inkişafına, sosial problemlərinin həllinə, istedadlı, bacarıqlı gənclərin müəyyənləşdirilməsinə, onlara himayə göstərilməsinə xidmət edir, qanuna edilmiş əlavələr yerindədir, lazımdır. Hörmətli nazir Azad müəllimin burada olmasından istifadə edərək demək istərdim ki, bu gün Azərbaycandan kənarda istedadlı gənclərimiz təhsil alır, onlar yüksək ali məktəbləri bitirirlər. Lakin bir sıra hallarda onların Azərbaycana qayıtmalarında, Azərbaycanda onların səviyyəsində işlə təmin edilməsində problem yaranır. Mən çox istərdim ki, bu halı aradan qaldıra biləcək müddəalar qanuna daxil edilsin.
Nəhayət, burada gənclər evi məsələsi ilə əlaqədar kifayət qədər mübahisə oldu. Mənə elə gəlir ki, gənclər evi ilə bağlı maddəni müəyyən dərəcədə redaktə etmək olar, məsələn, “sosial və mədəni-kütləvi xarakterli gənclər evi” yaza bilərik. Gənclər orada bilyard, tennis, şahmat oynasınlar. Eyni zamanda, əlil gənclərə xidmət göstərilməlidir. Ona görə bu olmalıdır. Sosial-mədəni xarakterli gənclər evi. Bunun pis cəhəti yoxdur. Fondun yaradılmasına da müsbət münasibət bildirirəm, millət vəkilləri də müsbət münasibətlərini bildirməlidirlər.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən də, ümumiyyətlə, “Gənclər siyasəti haqqında” Qanuna əlavə və dəyişikliklərə tərəfdaram. Məndən öncə çıxış eləyən həmkarlarımın fikirləri ilə əsasən razıyam və bu şəkildə də qanunun qəbul olunmasına səs verəcəyəm.
Bir neçə məsələ haqqında demək istəyirəm. 14 yaş məsələsi ilə bağlıdır. Mənə elə gəlir ki, çıxış edən dostlarımız gənclər anlayışı ilə evlənmək və əsgər getmək anlayışını qarışdırırdılar. Vaxtı ilə pioner, komsomol təşkilatları var idi, gənclərin taleyi ilə onlar məşğul idilər. İndi elə təşkilatlar yoxdur. Amma 14 yaşından sonra artıq insan bir vətəndaş olaraq çox şeyləri dərk edir. Gənclər deyəndə biz bunu evlənmək, əsgər yaşı ilə qarışdırmamalıyıq. Mənə elə gəlir ki, artıq 14 yaşında uşağın gələcək tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bu mənada gənclər siyasətinin bu yaşda olan uşaqlara aid edilməsində mən qeyri-adi bir şey görmürəm.
Gənclər evi məsələsi ciddi məsələdir. Vacibdir, çünki, xüsusən rayon yerlərində cavanlarımızın getməyə yeri yoxdur, iş yeri ilk növbədə həll olunmalıdır. İş yeri olsa, nə gənclər evinə ehtiyac olar, nə də başqa yerlərə, amma təəssüf, iş yoxdur və gənclərin bir çoxu rayonlardan baş alıb gedir. Ona görə Azərbaycan kəndləri, bilirsiniz ki, çox təəssüf ki, fərdi bir mühitdir. Azərbaycan kəndlərində televiziyadan başqa cavanların bir əyləncə yeri qalmayıb. Kitabxanaların çoxu dağılıb. Mədəniyyət evləri fəaliyyət göstərmir. Bu işi tədricən müstəqil dövlət bərpa eləməlidir, bu mənada “gənclər evi” ideyası yaxşı ideyadır. Amma mən təklif edərdim ki, bunun da tikilməsində ədalət prinsipi gözlənilsin. Rayonlardakı olimpiya mərkəzləri elə gənclər evidir, ilk növbədə olimpiya mərkəzləri olmayan rayonlarda gənclər evi tikilsin. Yəni bir rayonda olimpiya mərkəzi, gənclər evi, hər cür mədəni müəssisələri olsun, amma digər rayonda heç bir şey olmasın. Mən deputat seçildiyim Yardımlı rayonunun təcrübəsindən deyirəm ki, çox vaxt bu rayon ən sonuncu yada düşür. Ümumiyyətlə, bəzən heç yada düşmür. Ümumiyyətlə, növbələşmə prinsipi əsas götürülməlidir.
Nəhayət, bir məsələyə diqqət yetirmək istərdim. Azərbaycanın bizdən asılı olmayan səbəblərə görə təqribən 2 milyon əhalisi Rusiyada yaşayır. Bəlkə də çox, Rusiyada yaşayan 3 milyona yaxın soydaşımız var. Təəssüf ki, vətəndaşlıq məsələsində onların bir sıra hüquqları pozulur. Orada da vətəndaşlıq alandan sonra Azərbaycana qayıtmaları üçün problemlər yaranır. Halbuki bir sıra ölkələrdə belə problem yoxdur. Onlar harada doğulublarsa, oranın vətəndaşı olaraq öz məmləkətlərinə rahat qayıdırlar. Amma biz oraya gedən gəncləri tamamilə yaddan çıxarmışıq. Türkiyənin təcrübəsi belədir ki, hansı ölkədə yaşayır-yaşasın, əsgərlik yaşı çatanda həmin gənclər gəlib öz ölkələrində əsgərliklərini keçirib sonra qayıdırlar. Əgər əsgərlik keçirmək istəmirsə, bir-iki ay əsgər olur və müəyyən məbləğ pul ödəyir və ondan sonra işlədiyi yerə qayıdır. Azərbaycanda 13 milyon ailənin cavanlarını hərbi xidmətdən tamamilə azad etmişik. Mən bilmirəm, bunu tənzimləyən müəyyən qanunlar var, yoxsa yoxdur? Amma hər halda hesab edirəm ki, harada yaşamasından asılı olmayaraq 18 yaşına çatmış gəncin Azərbaycan torpağında əsgəri xidmət keçmək borcudur və bu borcu hökmən yerinə yetirməlidir. Məncə, bu da qanunda nəzərə alınmalıdır. Deyilən təkliflərlə qanuna biz səs verəcəyik.
Sədrlik edən. Sağ olun. Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən bəzi məqamlara toxunmaq istəyirəm. Bu gün Azərbaycan Avropa İttifaqına doğru öz addımlarını atır. Bu gün bizim imkanlarımız və vaxtımız var ki, qanunvericiliyimizi onlara uyğunlaşdıraq. Müəyyən müddətdən sonra artıq bu tələblər olacaq. Yəni bu gün biz bununla məşğuluq. Avropa məkanında 14-29 yaşlı şəxs gənc sayılırsa, biz də bu qanunda həmin yaşı göstərməliyik. Mən istərdim, keçmişi də xatırladaq. Yadınızdadırsa, uşaqları pioner təşkilatına 10-14 yaşına qədər, 14 yaşında isə komsomol təşkilatına qəbul edirdilər. Ona görə ki, 14 yaşından sonra hər bir gəncin siyasi aktivliyinin vaxtı çatır. Bu gün biz hamımız deyirik ki, komsomol təşkilatının təşkilatçılığı var idi. “Gənclər siyasəti haqqında” Qanuna dəyişikliklər ediriksə, həmin təşkilatçılığı qəbul edirik. Biz gənclər təşkilatının təşkilat strukturlarını yaratmalıyıq. Bu çox gözəl dəyişikliklərdir, müasir dəyişikliklərdir. Mən hamınızı bu qanunun lehinə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz müəllim, bu təşəbbüsə görə çox sağ olun. Biz də bu təşəbbüsə qoşulub səsverməni keçirmək istəyirik.
Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, özü də yekdilliklə. Çox sağ olun.
Növbəti məsələ Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Elmira Axundova, buyurun.
E. Axundova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Çox sağ olun. Aprel ayının 13-də Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun layihəsi geniş müzakirələrdən sonra Milli Məclisdə birinci oxunuşda qəbul edildi. Gözlənildiyi kimi, qanun layihəsi hörmətli millət vəkillərinin böyük marağına səbəb oldu ki, bu da cəza çəkməkdən azad edilmiş şəxslərə cəmiyyətin, onun hər bir üzvünün diqqətinin əyani göstəricisidir.
Bu gün Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın humanist təşəbbüsü ilə parlamentə təqdim etdiyi çox mühüm bir qərar qəbul olundu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya qərarı təqribən 9 min şəxsə şamil ediləcəkdir. Bunun nəticəsində penitensiar müəssisələrdən buraxılan və sosial yardıma ehtiyacı olan şəxslərin sayı respublikamızda kəskin surətdə artacaqdır. Ona görə də bu kateqoriyadan olan şəxslərə yardım göstərilməsinin hüquqi əsasları və dövlət hakimiyyətinin həmin problemlə məşğul olan xüsusi icra strukturlarının yaradılması məsələsi çox böyük aktuallıq kəsb edəcəkdir. Bu qanunun labüdlüyünü həyat özü ön plana çəkir.
Qanun layihəsinin birinci oxunuşu zamanı hörmətli həmkarlarım Məlahət Həsənova, Azay Quliyev, Fazil Mustafayev, İlyas İsmayılov, Rafael Cəbrayılov, Fuad Muradov, Siyavuş Novruzov, Əhməd Vəliyev, Qənirə Paşayeva, Jalə Əliyeva, Adil Əliyev, Əli Hüseynov, Rəbiyyət Aslanova, Valeh Ələsgərov, Aqil Abbasov çıxış edərək qanun layihəsinin zəruriliyini qeyd etməklə həm də onun təkmilləşdirilməsinə xidmət edən bir sıra irad və təkliflərini bildirmişlər. Dünyamin Xəlilov isə çox dəyərli təkliflərlə yazılı surətdə komissiyamıza müraciət edib. Həmin təkliflər işçi qrupunda diqqətlə öyrənilmiş, məqsədəuyğun hesab edilənləri layihənin ikinci oxunuşa hazırlanması zamanı nəzərə alınmışdır.
Həmkarlarım Məlahət Həsənova, Azay Quliyev və başqaları qanun layihəsinin adı ilə bağlı dəyişiklik etməyi təklif ediblər. Mən yalnız onu diqqətinizə çatdırmaq istəyirəm ki, bu terminlər Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarında, o cümlədən Cəzaların İcrası Məcəlləsində də nəzərdə tutulub və bir sıra analoji qanunlarda bu terminlərdən istifadə olunubdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər” anlayışı əfv və amnistiya olunmuş şəxsləri, həm də cəza müddəti başa çatmış şəxsləri əhatə edir. “Sosial adaptasiya” ifadəsinə gəldikdə, onun mənası sosial mühitə uyğunlaşdırılması deməkdir. Ümumi istək olarsa, “adaptasiya” sözünü bu ifadə ilə əvəz etmək mümkündür.
Bəzi millət vəkilləri Rafael Cəbrayılov, Siyavuş Novruzov, Jalə Əliyeva 4-cü maddədə bəhs edilən adaptasiyanın əsas prinsipləri barədə fikirlərini bildirmişlər. Onların təklifləri nəzərə alınaraq maddə redaktə edilmişdir və sizə təqdim edilmiş variantda verilmişdir. Bu prinsiplərin açıqlanması isə Cinayət Məcəlləsində verilmişdir və bir daha təkrara ehtiyac yoxdur. İlyas İsmayılovun təklifi ilə 3.2-ci maddədə redaktə işi aparılmışdır. Fazil Mustafayev 3.1-ci maddədə “3 ay” sözlərini “6 ay” sözləri ilə əvəz edilməsini təklif etsə də, bunu işçi qrupu məqsədəuyğun hesab etməyib, çünki 3 ay kifayət qədər böyük müddətdir və ehtiyacı olan şəxs də bu müddətdən tam şəkildə istifadə edə bilər.
Əsas müzakirə predmetindən biri də cəza çəkməkdən azad edilmiş şəxslərin yaşayış sahəsi ilə təmin olunmasının guya real olmadığı idi. Çıxış edən deputatlar Məlahət Həsənova, Siyavuş Novruzov, Adil Əliyev və başqaları bu məsələni qeyd etməklə daha real normanın yazılmasını təklif etmişlər. Həmin təkliflərə də diqqətlə yanaşılmış və bu məqsədlə 6.1.3-cü maddə yeni redaksiyada verilmişdir. Yəni “mənzil-məişət şəraiti ilə təmin etmək” sözləri “müvəqqəti yaşayış sahəsi ilə təmin etmək” sözləri ilə əvəz edilib. Həmçinin 10-cu maddənin adında və məzmununda da dəyişiklik edilibdir. Birinci variantda bu, 9-cu maddə idi. 10-cu maddədə bir sıra düzəlişlər edilmişdir. Məsələn, 10.3-cü bənd daha qısa və konkret yazılıb.
Uşaqların tərbiyə və təhsil məsələləri ilə bağlı müddəalar 13.1-ci maddəyə keçirilmişdir. 10.4-cü maddə Cəzaların İcrası Məcəlləsinə uyğunlaşdırılıb. Əli Hüseynovun və Rafael Cəbrayılovun təklifi ilə “cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı” sözləri çıxarılıb. Mən deputatların nəzərinə çatdırmaq istərdim ki, bu maddədə söhbət keçmiş məhbusların mənzil şəraitinin yaxşılaşdırılmasından, onlara ayrıca mənzil ayrılmasından getmir. Söhbət adi, özü də müvəqqəti sığınacaqdan gedir. Hər halda biz Avropanın bu sahədə təcrübəsini öyrənsək, görərik ki, inkişaf etmiş ölkələrin hamısında belə reabilitasiya müəssisələri və müvəqqəti sığınacaqlar, Rusiyada isə “priyutlar” təşkil olunubdur. Bizim ölkə Avropa standartlarına uyğunlaşdıqca qabaqcıl və humanist təcrübəni də mənimsəməlidir.
Deputatlardan Dünyamin Xəlilov və Fuad Muradov azad edilmiş şəxslərə verilən birdəfəlik pul müavinətinin məbləğinin layihədə göstərilməsini təklif etmişlər. Bu məqsədlə 14.1-ci maddədə həmin məbləğ aylıq minimum əmək haqqının 2 misli məbləğində götürülüb. Əlbəttə, bu, şərti rəqəmdir və sizin müzakirənizin predmeti ola bilər. Qeyd etmək lazımdır ki, sosial adaptasiya müddəti ilə bağlı müddəalar ayrıca, 8-ci maddədə nəzərdə tutulub və adaptasiya müddətinin təkrarən 1 ilədək uzadılması təsdiq olunub. Bu da subyektiv halların aradan qaldırılmasına köməklik göstərəcək.
Əsas müzakirə predmetinin biri də məşğulluğun təmini ilə bağlı maddədir. Həmin maddə barədə hörmətli Rəbiyyət Aslanova və başqaları çıxış edərək bildirmişlər ki, bu şəxsləri işlə təmin etməyi özəl sektor qarşısında öhdəlik kimi qoymaq düzgün olmazdı və bu, bazar prinsiplərinə ziddir. Mən bu fikirlə müəyyən mənada razıyam. Lakin burada söhbət məşğulluq haqqında qanunda nəzərdə tutulmuş kvotadan gedir. Həmin kvota bir sıra müəssisələr üzrə 5 faizədək müəyyən olunur və bu iş yerləri sosial müdafiəyə ehtiyacı olan şəxslərə ayrılır. Həmin kateqoriyadan biri də cəza çəkməkdən azad edilmiş şəxslərdir. Səhiyyə nazirinin təklifi ilə 12.1-ci maddə sizə təqdim olunan redaksiyada verilib.
Deputat Xəlilovun təklifi ilə 16-cı maddədə “hüquqi və fiziki şəxslər” sözləri “təqsirkar şəxslər” sözləri ilə əvəz olunub. Bəzi deputatlar sosial adaptasiya mərkəzləri ilə bağlı ayrıca maddənin daxil edilməsini təklif edirlər. Bu mərkəzlərin strukturunu, mahiyyətini açıqlamağı məqsədəuyğun sayırlar. İşçi qrupunun fikrincə, bu müəssisələr icra hakimiyyətinin səlahiyyətlərinə daxildir. Qanun layihəsində isə belə mərkəzlərin konseptual baxımdan vacibliyi göstərilir.
Hörmətli Məlahət xanım Həsənova təklif edir ki, “14 yaşadək uşağı olan” sözləri “yetkinlik yaşına çatan uşaqları” sözləri ilə əvəz edək. Mövcud qanunvericilikdə, məsələn, Əmək Məcəlləsində 14 yaşına çatmayan uşaqları olan valideynlər üçün xüsusi status müəyyən olunub. Bir də, 14 yaşına çatmayan uşaqların yaşayış yerləri valideynlərin yaşayış yerləri ilə müəyyənləşir.
Ümumiyyətlə, gördüyünüz kimi, verilən bütün təkliflər diqqətlə araşdırılıb və imkan daxilində nəzərə alınıb. Bu da nəticədə qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edir. Mən bu qanun layihəsi hazırlanarkən bizə yaxından kömək etmiş Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasovaya və xüsusi ilə şöbənin məsul işçisi Etibar Məmmədova öz minnətdarlığımı bildirmək istərdim. Bu gün Milli Məclisə işçi qrupunun mütəxəssisləri də dəvət olunublar. Lazım olarsa, onlar da suallara cavab verə bilərlər.
Axırda bir məsələyə də diqqət yetirmək istərdim. Bəzi deputatların çıxışlarında belə fikir səslənirdi ki, bu qanunun bəzi maddələri real deyil. Məsələn, sosial adaptasiya mərkəzlərinin, müvəqqəti yaşayış sahələrinin yaradılması, ya da keçmiş məhbusların sosial adaptasiyası ilə məşğul olan xüsusi icra strukturunun təşkili, onun üçün büdcədən müəyyən miqdarda vəsait ayırmaq lazım olacaq. Bizdə isə 10-100 minlərlə vətəndaşlarımız hələ ki, normal mənzil-məişət şəraitində yaşamır. Sual olunur: belə olan halda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üçün əlavə vəsait xərc etmək məqsədəuyğundurmu? Mən bu suala müsbət cavab verərdim, çünki biz azad edilmiş şəxslərin sosial adaptasiya problemlərini bu gün həll etməsək, sabah həmin vəsaitdən qat-qat artıq məbləği residiv törədən və təkrarən islah-əmək müəssisəsinə düşən cinayətkarların saxlanmasına sərf etməli olacağıq. Mən qanuna hörmət edən vətəndaşlarımıza dəyən mənəvi, maddi və fiziki ziyandan danışmıram. Halbuki bu ziyan bəzi hallarda heç bir məbləğlə ölçülə bilməz.
Axı, qanunlar bir və ya iki il üçün yazılmır. Onlar 20, 50 il işləyəcək, onlar keçmişə yox, gələcəyə yönəldilir. Ölkəmizin gələcəyi isə, inanıram, çox nikbin və firavandır. Dövlətimiz getdikcə sosial məsələlərə daha böyük diqqət yetirir və hər kateqoriyadan olan vətəndaşlarımıza özünü cəmiyyətdə tam bərabər hüquqlu şəxs kimi hiss etmək üçün lazımi şərait yaradır. Sizə təqdim edilən qanun layihəsi də həmin humanist məqsədə xidmət edir. Mən qanun layihəsinin aktuallığı və elə qanunların cəmiyyət üçün lazımlığı haqqında uzun danışmaq istəmirəm. İnanıram ki, bu salonda oturan deputatların hamısı həmin həqiqəti çox yaxşı dərk edirlər. Ona görə də, xahiş edirəm, qanun layihəsini yenə də nəzərdən keçirək və ikinci oxunuşda qəbul edək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Elmira xanım, geniş və ətraflı məruzəyə görə sağ olun. Bu qanun layihəsi digər komissiyalarda – İnsan hüquqları daimi komissiyasında və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında da müzakirə olunub. Əli müəllim, Sizin sözünüz varmı? Rəbiyyət xanım?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən Biz müzakirəyə keçməzdən əvvəl ikinci oxunuşun tələbinə uyğun olaraq qanun layihəsini əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Müzakirələrə başlayırıq. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bu məsələ ilə bağlı çıxış etmək istəmirdim, amma komissiyada qanun layihəsi ilə bağlı bir çox iradlarımı bildirmişdim. Amma görünür, bizdə, komissiyada səslənən təkliflərin nəzərə alınması tam təkmilləşdirilməyib. Bu baxımdan biz geniş iclasda öz fikirlərimizi təkrar etməyə çalışırıq. Bu sahədə çox ciddi işlər görülməlidir. Əgər böyük islahatlar keçirilirsə, penitensiar müəssisələrdə məhbusların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində müsbət irəliləyişlər olduğunu qeyd etməklə yanaşı, məhbusların bu müəssisələrdən azad olunduqdan sonra yaşayacaqları problemlərin dövlət tərəfindən düşünülməsi, onların həlli yollarının axtarılması müsbət meyil kimi qiymətləndirilməlidir.
Mən konkret maddələr üzrə fikirlərimi bildirmək istəyirəm. 1.0.3-cü maddədə verilir: “sosial mühitə uyğunlaşması (o cümlədən məşğulluğun...)”. Məncə, mötərizənin buradan götürülməsi vacibdir. Bu maddədə çox yerlər gedəcəkdi, yəni “müvəqqəti yaşayış yerləri” yazmaq olardı. “Müvəqqəti yaşayış sahəsi”, məncə, mənanı ehtiva etmir, çünki “sahə” sözündə bir konkretlik var. Müvafiq icra orqanlarını konkretliyə sürükləmək olmaz. “Müvəqqəti yaşayış yerləri” kimi işlənməsi daha məqsədəuyğun olardı.
5.2-ci maddədə göstərilir: “yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üzrə komissiyalar, təhsil və tibb müəssisələri”... Mən hesab edirəm ki, burada mütləq dövlət təhsil və tibb müəssisələri nəzərdə tutulmalıdır, çünki özəl müəssisələrə bunu təbliğ etmək öndəki qanunlarda olduğu kimi, özəl mülkiyyətin mahiyyətini ya anlamamaqdan, ya da bu mahiyyətin üzərindən sükutla keçməkdən irəli gəlir. Özəl mülkiyyətin bu cür hökm altında saxlanması doğru deyil.
6-cı maddənin adının dəyişdirilməsini təklif edirəm. “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi ilə həyata keçirilən tədbirlər” əvəzinə “Cəza çəkməkdən azad edilmiş şəxslər üçün həyata keçirilən adaptasiya tədbirləri” mənanı daha dəqiq ifadə edir.
6.1.5-ci maddədə “...digər lazımi sənədlərlə təmin etmək”. Məncə, həbsdən azad olunmuş şəxs üçün şəxsiyyəti təsdiq edən və digər sənədlərin lazım olub-olmadığını kimsə müəyyənləşdirməməlidir və o özü hansı sənədi almaq lazımdırsa, onu almaqda çətinlik çəkməməlidir.
10-cu maddənin adında bir məsələni qeyd etmək istəyirəm. “Cəza çəkməkdən azad edilmiş şəxslərin” sözlərindən sonra “müvəqqəti” sözünün əlavə olunmasını təklif edirəm. Müvəqqəti yaşayış sahəsi ilə təmin olunmalıdır, çünki daimi yaşayış sahəsi mükəlləfiyyətini icra strukturlarının öhdəsinə qoymaqla ciddi problemlərlə rastlaşa bilərik.
11-ci maddədə, hesab edirəm ki, idarə, müəssisə və təşkilatlar bu şəxslərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəltməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotalaşdırılmış iş yerləri üzrə münasib işlə təmin etməlidirlər. Yenə də kvota məsələsinə bir də baxmaq lazımdır. Burada stimul formasını tapmaq lazımdır. Müəyyən dərəcədə vergidən azad etmək yolu da mümkündür. Filan qədər cəza çəkməkdən azad edilmiş şəxsi işlə təmin edənin vergi yükünün bu qədər azaldılması, ya başqa stimullaşdırma yolu seçmək kvotalaşdırmadan daha faydalıdır. Məncə, həmin yerlərdən azad olunmuş şəxsləri işlə təmin etmək hamının marağına uyğun olacaqdır.
Sonra, 12.3-cü maddə də, hesab edirəm ki, cəza çəkməkdən azad edilmiş şəxs stasionar müalicədən imtina etdikdə könüllülük prinsipi əsas götürülməlidir. Ona görə də burada “…könüllü olaraq stasionar müalicədən imtina etdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar” yazmaq daha məqsədəuyğun olar. Mənim başqa iradlarım da var, vaxtı çox almaq istəmirəm. Hesab edirəm ki, bu texniki dəyişikliklər edilsə, qanun layihəsini qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Lalə Abbasova.
L. Abbasova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu gün müzakirəmizə verilən bu qanun layihəsini çox humanist və cəmiyyət üçün əhəmiyyətli layihə hesab edirəm. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası haqqında qanunun qəbul olunmasına tərəfdaram. Hər insanın cəmiyyətdə əhəmiyyətli və lazımlı olması üçün belə qanunların tətbiqi çox vacibdir. Penitensiar müəssisələrdə cəza çəkən insanlar müxtəlif peşə sahibləridirlər və onların arasında öz işini, peşəsini layiqincə bacaran mütəxəssislər də var. Onların vaxtında işlə təmin edilməsi bu insanların həm psixoloji durumuna müsbət təsir göstərir, həm də onların yenidən cəmiyyət üçün lazımlı olmalarına təkan verir.
Bu gün insan həyatından söhbət gedən hər bir məsələyə ciddi yanaşmalı, sivil bir cəmiyyət yaratmaq üçün belə layihələr üzərində çox düşünməliyik. Bu mövqeyə nəzərdə ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya haqqında qərar qəbul etdik. İnanıram ki, belə qərarlar çox olacaq. Ona görə də belə bir qanunun qəbul olunması vacibdir. Mən də bu qanunu dəstəkləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Ülvi Quliyev.
Ü. Quliyev. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsi ilə bağlı bəzi təkliflərimi nəzərinizə çatdırmaq istərdim. Əvvəla, qeyd edim ki, bu qanunun təyinatı və əsas ideyası cəza çəkməkdən azad edilmiş şəxslərin problemsiz, ağrısız ictimaiyyətə qovuşmasına, onun adaptasiyasına yardım etməkdən ibarətdir. Buna görə də mən belə fikirləşirəm ki, bu qanunun təsir dairəsinin məhdudlaşdırılmasına yol vermək olmaz. Layihədə isə bu, yalnız cəza çəkməkdən azad edilmiş şəxslərlə qapanır. Mən təklif edərdim ki, istər qanunun adında, istərsə də digər müddəalarda “cəza çəkməkdən azad edilmiş şəxslər” əvəzinə “penitensiar müəssisələrdən azad edilmiş şəxslər” anlayışı yazılsın. Bu anlayışı dəyişdikdə biz cəzasını çəkib qurtarmış şəxslərə də bunu şamil etmiş olardıq.
Digər bir məqama da toxunmaq istərdim. 3.1-ci maddə qanunun tətbiqi dairəsi ilə bağlıdır. İstəyərdim ki, bu müddəa cəza çəkməkdən azad edilmiş şəxslərə yox, həmçinin sosial adaptasiyaya ehtiyacı olan və könüllülük əsasında qeydiyyata alınmış şəxslərə də şamil edilsin.
Bundan başqa, 4-cü maddədə prinsiplər göstərilmişdir. Mən hesab edirəm ki, burada ünvanlılıq və məxfilik prinsiplərinə ehtiyac yoxdur. Ona görə ki, ünvanlılıq prinsipi özü könüllülükdən, yəni könüllülük prinsipindən doğan bir prinsipdir. Könüllülüyün özü adaptasiyanın ünvanlılığını şərtləndirir. Burada məxfilik prinsipinə ehtiyac olmaması onunla izah olunur ki, qanunun tənzimlədiyi spesifik münasibətlərin xarakteri onların məxfi saxlanılmasını heç cür tələb etmir. Burada prinsiplərdən biri də sosial ədalət prinsipidir. Təklif edərdim ki, “sosial ədalət prinsipi” “bərabərlik prinsipi” ilə əvəz olunsun, çünki “ədalət” sözünün özündə bir subyektivlik elementi var. “Bərabərlik prinsipi” isə daha çox hüquqi termindir.
Bundan başqa, hörmətli Elmira xanım bu məqama toxundu. Mən bir daha həmin məsələyə qayıtmaq istəyərdim. Maddə 5.3-də göstərilib ki, sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının könüllülük əsasında iştirakı təsbit olunur.
Digər tərəfdən isə maddə 11.1-də idarə, müəssisə və təşkilatların cəza çəkməkdən azad edilmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvotalaşdırılmış iş yerləri üzrə münasib işlə təmin edilməsindən söhbət gedir. Mən təklif edərdim ki, burada yaranmış ziddiyyət aradan qaldırılsın, çünki kvotalaşdırmanın kim tərəfindən, hansı meyarlar, normativ-hüquqi aktlar əsasında keçirilməsi bilinmir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanlarının bu tipli qərarlarının bütün xüsusi mülkiyyət hüququ əsasında yaradılan qurumlar üçün imperativ və ya direktiv xarakter daşıdığını iddia etmək dövlətin hüquqi siyasətinə, Konstitusiyamıza, qüvvədə olan mülki qanunvericiliyə, sahibkarlıq haqqında indiyə qədər qəbul elədiyimiz digər normativ-hüquqi aktlara da heç cür uyğun gəlmir.
Digər bir məqamı da qeyd etmək istərdim. Maddə 8.1-də göstərilib ki, adaptasiya müddəti 1 ildir. 8.2-də isə göstərilir ki, bir müddət şəxs cəza çəkməkdən azad olunduqdan sonra hesablanılır. Təklif edərdim ki, azad olunduqdan sonra yox, qeydiyyata düşdükdən sonra bu müddət hesablansın.
Bundan başqa, mən bir də 12-ci maddəyə fikrinizi yönəltmək istəyərdim. Burada cəza çəkməkdən azad edilmiş şəxslərin tibbi yardım məsələsinə toxunulur. Mən fikirləşirəm ki, burada cəza çəkməkdən azad edilmiş şəxslərlə azadlıqda olan şəxslərə tibbi yardım arasında heç bir fərq göstərilmir. Ümumiyyətlə, tibbi yardım almaq hüququ həm Konstitusiyada, həm də səhiyyə haqqında qanunda təsbit edilib. Ona görə də sahəvi qanunda bunun təkrarlanmasına heç bir ehtiyac görmürəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli deputatlar, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bizim bugünkü iclasımızda rəsmi qonaqlarımız iştirak edirlər. İstəyirəm onları sizə təqdim edim. Sənan Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. Natiq Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini. Musa Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qərargah rəisi. Bağır Bağırov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsinin rəis müavini. Əgər kimin nə sualı olsa, bu rəsmi şəxslərə müraciət edə bilərsiniz. İlham Məmmədov, buyurun.
İ. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, biz Sosial siyasət daimi komissiyasında bu məsələni müzakirə edərkən fikirlərimizi, təkliflərimizi, iradlarımızı bildirmişik. Bilirsiniz ki, bu komissiyada müzakirə olunan məsələlər həmişə ictimaiyyətin geniş diqqətində olur və maliyyə tutumlu olduğu üçün bizim komissiyada bu məsələlər ciddi müzakirələrdən keçir.
Mənim çıxış etməkdə bir məqsədim var. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Onsuz da dövlətimiz Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktları ilə cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərir. Ancaq bu gün penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunu qəbul etsək, həmin aktı daha da qüvvətləndirmiş və dolğun etmiş olarıq. Bunu həm qanunvericilik bazamızın zənginləşməsinə, güclənməsinə, həm də dövlətimizin hər bir vətəndaşa, istər cəzaçəkmə müəssisəsində olsun, istərsə də bu müəssisədən azad ediləndən sonra daim diqqət və qayğısının göstəricisi kimi qəbul edərdim.
Nəzərinizə çatdırım ki, bu qanun layihəsi birinci oxunuşda qəbul edilən zaman mən Türkiyə Respublikasında idim. Biz orada sosial xidmət müəssisələri ilə tanış olurduq. Mənim diqqətimi cəlb edən ən vacib məsələlərdən biri məhz orada sosial adaptasiya mərkəzlərinin, xüsusən də qadınlar üçün sosial adaptasiya mərkəzlərinin olması idi. Xahiş etdim və bizi həmin müəssisəyə apardılar. Həmin mərkəzlər cəzaçəkmə müəssisələrindən azad edilmiş qadınlar üçün yox, ümumiyyətlə, həyatın müxtəlif əzab-əziyyətlərinə düçar olmuş, psixoloji və sosial durumları ağır olan qadınların müvəqqəti sığınacaq yeri kimi nəzərdə tutulubdur. Mən deyərəm ki, onların sosial xidmətlərinin təşkilində üstünlük məhz belə müəssisələrə verilir. Qanun layihəsinin 6-cı maddəsi müzakirə predmeti olacaq bir maddədir. Yəni cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi ilə həyata keçirilən tədbirlərdə sosial adaptasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, bu qanunu qəbul etməklə növbəti maliyyə ilində icra strukturunun nəzarəti altında belə adaptasiya mərkəzlərinin yaradılmasına kömək və yardım etmiş olardıq. Əlbəttə, sosial adaptasiya mərkəzlərində ən önəmli yeri məhz cəzaçəkmə müəssisələrindən azad edilmiş insanların müvəqqəti yaşayış sahəsi ilə təmin olunması tutur. Biz bilirik ki, bundan əvvəl qəbul etdiyimiz “Gənclər siyasəti haqqında” Qanuna etdiyimiz düzəlişdə, habelə cəzaçəkmə müəssisəsindən azad edilmiş gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirilir. Bunu nəzərə alaraq qanun layihəsinin qəbul olunmasını hörmətli deputat həmkarlarımdan xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hazırda müzakirəyə çıxarılmış Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun layihəsinin mahiyyətindən görünür ki, bu qanun gələcəkdə həbsxanalardan azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşması kimi məsələlərin həll edilməsinə yönəlib. Belə ki, cəza çəkməkdən azad edilmiş şəxslərin hazırkı sosial mühitə uyğunlaşmaları onların iş və müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi, onların peşə hazırlığının təşkili və onlara tibbi yardım göstərilməsi yaşadığımız gündəlik həyatda öz həllini gözləyən vacib məsələlərdəndir.
Hamımıza məlumdur ki, cəzadan azad edilmiş şəxsləri bir çox hallarda işə götürməkdən imtina edirlər. Əlbəttə, bu qanun layihəsində nəzərdə tutulan müddəalar yuxarıda qeyd etdiyim problemlərin qismən də olsa həllinə imkan yaradacaq. Lakin bir məsələni vurğulamaq istərdim. Cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi ilə həyata keçirilən tədbirlər mexanizminin özü qanun layihəsində çox da geniş şəkildə açıqlanmamışdır. Hesab edirəm ki, bu sahədə keçirilən tədbirlərin konkret olaraq hansı dövlət orqanları və ya müəssisələri tərəfindən həyata keçirilməsi qanun layihəsində göstərilməlidir. Elə olarsa, bu, qanunun gələcəkdə daha işlək olmasına imkan verəcəkdir.
Eyni zamanda, qanun layihəsinin 14.1-ci maddəsində cəzaçəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərin minimum aylıq əmək haqqının iki misli məbləğində birdəfəlik müavinətin verilməsi qeyd olunub. Hesab edirəm ki, bu maddədə qeyd edilən müavinətin məbləği çox azdır və həmin məbləğ minimum əmək haqqının ən azı 4 misli qədər və ya daha çox artırılmalıdır. Yuxarıda qeyd etdiyim təklifləri əsas tutaraq bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox üzr istəyirəm, Əhməd müəllimə söz verirəm, sonra qərargah rəisi Musa müəllim danışacaq. Sonra isə müzakirələri yekunlaşdırarıq.
Ə. Vəliyev. Hörmətli millət vəkilləri, mən danışmayacaqdım, təəssüflər olsun ki, keçən dəfə təklif etdiyim fikir qanun layihəsində öz əksini tapmayıb. Ona görə həmin fikirlərimi ikinci dəfə səsləndirməyə məcbur oldum. Hamınız gözəl bilirsiniz ki, cəzaçəkmədən azad olunmuş şəxslərin sosial adaptasiyası, onların normal həyata qayıtması üçün təhsil müəssisələrinin rolu əvəzsizdir. Təəssüf edirəm ki, bu qanun layihəsində müəyyən məsələlər buraxılmışdır.
13-cü maddənin 2-ci hissəsində cəzaçəkmədən azad edilmiş şəxslərin təhsilinin və peşə hazırlığının təşkili ilə bağlı deyilir: “Müvafiq icra hakimiyyəti orqanı cəzaçəkmədən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsi ilə peşələrə yiyələnmələrinə şərait yaradır”. Mən keçən dəfə də qeyd etdim. Bu maddədə, birinci, “orta peşə-ixtisas təhsili” sözlərinin yazılmasını düzgün hesab etmirəm. Hamınız bilirsiniz ki, orta peşə-ixtisas təhsili ilə bağlı qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Ona görə də onların hansına isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən kömək olunması, mənə elə gəlir ki, məzmunsuzdur.
İkinci, təhsil alan tələbələrin cəzaçəkmədən azad olunduqdan sonra təhsil müəssisələrində yenidən təhsillərinin davam etdirilməsi məsələsi burada öz əksini tapsa, çox yaxşı olardı. Təhsil aldığı müddətdə müəyyən bir hadisə törədən tələbə bir-iki il oxuyubsa, cinayət törətdikdə, məhkəmə, prokurorluq, polis orqanlarında onun işi üzrə istintaq getdiyi halda məktub göndərirlər, təhsil müəssisələri isə həmin tələbəni tələbələr sırasından xaric edir. İstintaq başa çatdıqdan sonra cəza alırlar və cəza çəkməkdən azad olunduqdan sonra onların təhsil müəssisəsinə bərpası ilə bağlı məsələ, hesab edirəm ki, qanunda öz əksini tapsa, çox yaxşıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli deputatlar, bayaq qeyd etdim, iclasda rəsmi qonaqlar iştirak edirlər. Musa Hümbətova söz verirəm. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qərargah rəisi. Musa müəllim, qısa olaraq, hörmətli deputatların qaldırdıqları məsələlərə münasibətinizi bildirin.
M. Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qərargah rəisi.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk növbədə qeyd etmək istərdim ki, qanun layihəsi müxtəlif əsaslarla cəza çəkməkdən azad edilmiş şəxslərə dövlət tərəfindən göstərilən mükəmməl və əsaslı qayğının təcəssümüdür. Sosial dəstəyə ehtiyacı olan belə şəxslərə belə qayğı göstərilməsi gələcəkdə onların yeni cinayətlər törətməsinin qarşısını almaq, onlara azad cəmiyyətə normal uyğunlaşmaqda kömək etmək məqsədi daşıyır. Beynəlxalq təcrübəyə, Avropa Şurasının tövsiyələrinə əsaslanmaqla hazırlanmış qanun layihəsi ikinci oxunuşa daha təkmil şəkildə təqdim olunmuş, hörmətli deputatların təklifləri nəzərə alınmışdır. Qanunun qəbul olunmasında cəzanı icra edən penitensiar müəssisənin müdiriyyəti, həmçinin məhkumlarımız da çox maraqlıdırlar. Məhz belə qanun islah yoluna qədəm qoymuş, lakin azad cəmiyyətdə müəyyən problemlərlə üzləşə bilən şəxslərə kömək məqsədi daşıyır. Hesab edirəm ki, qanunun vacibliyi və əhəmiyyəti nəzərə alınmaqla müsbət qəbul olunacaq, hörmətli deputatlarımız buna səs verəcəklər.
Burada Əhməd müəllimin dediyi fikirlə əlaqədar demək istərdim ki, ümumiyyətlə, artıq cəza çəkən şəxslərin peşə-ixtisas müəssisələrinə qəbul olunması məsələsi üzrə iş gedir. Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə islah müəssisəsindən 7 gənc şəxs belə məktəbə qəbul edilib. Onların təhsili təşkil olunub. Yəni artıq belə bir praktika var. Məhz bu maddənin belə verilməsi, doğrudan da, önəmlidir. Bundan başqa, hər hansı bir şəxsin, yəni ali təhsil alan şəxsin gələcəkdə öz təhsilini qiyabi şəkildə davam etdirməsi ilə əlaqədar artıq danışıqlar aparılıb. Hesab edirəm ki, məsələ tezliklə həllini tapacaqdır. Mən burada səsləndirilən bütün təkliflərə hörmətlə yanaşmaqla, millət vəkillərini bu qanunun vacibliyinə və əhəmiyyətinə vararaq, layihəyə səs verməyə çağırıram.
Sədrlik edən. Təşəkkür edirəm. Elmira xanım, qısaca olaraq deyilən irad və təkliflərə münasibətinizi bildirin. İkinci və üçüncü oxunuşlar arasında müəyyən qədər vaxt olacaq ki, deyilən irad və təklifləri nəzərə alasınız.
E. Axundova. Çox sağ olun. Bəli, mən də demək istəyirəm ki, bütün təkliflərə diqqətlə yanaşılacaq. Çox maraqlı təkliflər var. Fazil Mustafayev 10-cu maddənin adı ilə bağlı dedi ki, “cəza çəkməkdən azad edilmiş şəxslərin yaşayış sahəsi ilə təmin olunması” sözlərini “müvəqqəti yaşayış sahəsi ilə əvəz olunması” ilə əvəz eləyək. Biz belə də fikirləşmişdik. Özümüz sonra bu sözü çıxardıq. Nəyə görə? Nəzərinizə çatdırım ki, 10.1-ci və 10.4-cü maddələrdə söhbət daimi yaşayışdan gedir. İnsan cəza müəssisəsindən qayıtdıqdan sonra daimi yaşayış yerlərinə qeydiyyatdan söhbət gedir. Qocaların və əlil qadınların da əlillər evlərinə göndərilməsi daimi yaşayış yeri deməkdir. Ona görə “müvəqqəti” sözünü çıxardıq.
Sonra, 11.1-ci maddədə Fazil müəllim təklif eləyir ki, kvota məsələsinin əvəzinə nə isə “stimullaşdırma” sözünü yazaq. Mən də düşünmüşəm, bu barədə çoxlu müzakirələr də aparmışıq. Bu, maraqlı fikirdir. Cəza çəkməkdən azad edilmiş şəxsləri işə qəbul etmək istəyən müəssisələr üçün liberallaşdırma etmək, onları vergilərdən azad etmək olar. Amma bunlar daha konkret məsələlərdir. Bunları biz qanuna yaza bilmərik. Bunlar icra hakimiyyətinin səlahiyyətlərində olan məsələlərdir.
Bir-iki məsələyə də toxunmaq istəyirəm. Misal üçün, Ərəstun müəllim deyir ki, burada mexanizm dəqiq deyil və bu işlərlə məşğul olacaq xüsusi orqan yazılmayıb. Mən nəzərinizə çatdırmaq istərdim. 5.4-cü maddədə yazmışıq: “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir”. Bu da o deməkdir ki, gələcəkdə bizim icra strukturlarımızda xüsusi orqan yaradılacaq. Misal üçün, ünvanlı sosial yardım haqqında vaxtı ilə qanun qəbul elədik, sonra xüsusi orqan yaratdıq. Mən hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində və ya müstəqil qurum kimi belə bir idarəmi, xüsusi şöbəmi bu işlərlə məşğul olacaq. Ümumiyyətlə, bir sıra maraqlı təkliflər səsləndi. Əhməd müəllimə də xatırlatmaq istərdim, burada “orta peşə-ixtisas” sözlərini ona görə saxladıq ki, söhbət imtahanlardan getmir. Sadəcə, icra hakimiyyəti bu kateqoriyadan olan insanlara müvafiq şərait yaradacaqmı, kurslar təşkil edəcəkmi, bunları konkretləşdirmək olmaz. Ümumiyyətlə, mən hesab edirəm ki, ikinci oxunuşda qanun layihəsini qəbul etmək olar. Üçüncü oxunuşda təklif və iradlar nəzərə alınacaq.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli deputatlar, bildiyiniz kimi, bu qanun layihəsində fəsillər və bölmələr yoxdur, layihə maddələrdən ibarətdir. Ona görə etiraz eləmirsinizsə, 16 maddəni qruplaşdıraq və səsverməni keçirək. 1-5-ci maddələrə münasibətinizi bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 18.06 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
6-11-ci maddələrə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 18.06 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
12-16-cı maddələrə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 18.07 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.
Səsvermənin nəticələri (saat 18.07 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla iclasımız başa çatır.