01.05.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNIN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 50
Milli Məclisin iclas salonu.
1 may 2007-ci il. Saat 12.
Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Q. Əsgərzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti.
E. Rəhimov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi.
Ə. Qocayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Təşkilat İdarəsinin rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında.
3. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
4. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
5. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
5. Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
1 may 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz. Qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 104
Yetərsay 83
Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun. Amma xahiş edirəm, gündəlik ətrafında danışın. Siyahıya görə müzakirədə 16 nəfər iştirak eləmək istəyir. Buyurun, Rəbiyyət xanım.
R. Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən istərdim ki, bu gün Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına seçkilərdə uğur qazanan həmkarlarımızı təbrik edək. Bu gün bizim həmkarımız hörmətli Abel Məhərrəmov Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Böyük tarixçimiz Yaqub müəllim, Bəxtiyar Əliyev, Rafael Hüseynov Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişlər. Bu, Azərbaycan elminin uğurudur. Mən hesab edirəm ki, həmkarlarımızın uğuru hər birimizin uğurudur və istərdim ki, hər birimiz adından bu insanları təbrik edək. Bu çox böyük uğurdur. (Alqışlar.)
Sədrlik edən. Hər birinizi təbrik edirik, gələcək elmi uğurlar arzulayırıq! Müzakirələrə başlayaq. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mən əvvəlcə mətbuatın, o cümlədən müstəqil və müxalif mətbuatın da qeyd eləmədiyi bir gün haqqında danışmaq istəyirəm. Bu, 1 May günüdür. Bilirsiniz ki, biz keçmiş totalitar kommunist rejimindən azad olduqdan sonra həmin rejimin atributlarından biri kimi və sovet hakimiyyətinin mənafeyinə xidmət eləyən ideoloji gün kimi həmin bayramı ləğv eləmişdik. Bu bizim, mənim də rəhbərlikdə olduğum hakimiyyət dövründə baş vermişdi.
Ümid edirdik ki, sinfi qütbləşmənin olmadığı milli həmrəyliyə əsaslanan bir cəmiyyət quracağıq və bu cəmiyyətdə Azərbaycanın bütün vətəndaşları mülkiyyətindən, istehsalatda tutduğu statusdan asılı olmayaraq, keçmiş kommunist rejimi dövründə elan olunmuş bərabər hüquqlara malik olacaqlar. Lakin bu bir xəyal olaraq qalmışdır. Biz buna nail ola bilməmişik. Çox təəssüf ki, Azərbaycanın müstəqil olduğu 15 ildən artıq bir müddətdə sosial cəmiyyət yaradılmayıb. Biz zəhmətkeşlərin yaratdığı dəyərlərin bəhrəsindən yararlanırıq. Lakin onları ciddi nöqsanlarla, hətta bir çox sahələrdə sovet dövründən də çətin olan bir vəziyyətlə üz-üzə qoymuşuq. Bu gün bu mütləq qeyd olunmalıdır.
Məni çıxış etməyə vadar edən səbəblərdən biri də ondan ibarətdir ki, mənə gələn məktubların birində tikinti fəhlələri haqqını tələb etdikdə hansısa bir firmanın mühafizəçiləri tərəfindən “səni itə yedizdirərəm” kimi təhqiramiz təhdidlə qarşılaşmışlar. Mən hesab edirəm ki, Azərbaycanın zəhmətkeş işçilərinin, kənd təsərrüfatı işçilərinin, sənaye fəhlələrinin, bütün kütlələrin öz haqlarını tələb etməyə, bizdən də bunu tələb etməyə, Milli Məclisdən də tələb etməyə haqları vardır. Onların haqları uğrunda mübarizə aparmaq hər birimizin borcudur.
Sədrlik edən. Pənah bəy, özünüz dediyiniz kimi, Siz hakimiyyətdə olanda birinci bunu özünüz qəbul elədiniz. İndi də istəyirsiniz ki, təzədən həmin bayramı bərpa edək. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlarım, hörmətli mətbuat nümayəndələri! Mən istəyirəm, bu gün aktual olan, eyni zamanda, cəmiyyətdə həmişə mübahisələrə və müzakirələrə səbəb olan və bütövlükdə birmənalı qarşılanmayan bir mövzuya toxunam. Bu da Azərbaycanın qeyri-hökumət təşkilatları ilə Ermənistanın qeyri-hökumət təşkilatlarının bir-biri ilə əməkdaşlığı, qarşılıqlı səfərlərin təşkili məsələsidir. Ona görə ki, təxminən bir ay sonra bir qrup heyət Ermənistana getməyə hazırlaşır. Orada müəyyən bir layihə çərçivəsində erməni tərəfi ilə əməkdaşlıq eləmək istəyir.
Bu barədə mətbuatda dəfələrlə ayrı-ayrı dövlət qurumlarının, rəsmilərinin fikirləri səslənsə də, mənə elə gəlir ki, bu məsələyə mövqe nümayiş elətdirib son qoymağın vaxtı çatıbdır. Çünki bizim dövlət siyasətimiz, cəmiyyətin, xalqın mövqeyi ondan ibarətdir ki, nə qədər ki Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyib və bu problem öz siyasi həllini tapmayıb, Azərbaycanın qeyri-hökumət təşkilatları, iş adamları, dövlət qurumları ilə Ermənistanın dövlət qurumları, iş adamları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıqdan söhbət gedə bilməz. Lakin hesab edirəm ki, bu gün bunun qarşısının alınması üçün bizdə lazımınca mexanizm yoxdur. Bu gün həmin səfərləri təşkil edən hər hansı bir şəxsə, istər jurnalist olsun, yaxud başqası, hər hansı bir ciddi qanuni mexanizm tətbiq etmək mümkün deyil. Ona görə də mən təklif edirəm ki, bu məsələ Milli Məclisin gündəliyinə salınsın, açıq müzakirə olunsun və ehtiyac olduqda bu məsələni tənzimləyən qanun qəbul edək.
Düzdür, burada Dağlıq Qarabağda olan vətəndaşlarımızla Ermənistandakı qeyri-hökumət təşkilatlarını fərqləndirməyimizə ehtiyac var. Çünki mən düşünürəm ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün oradakı insanlar da mövqelərindən, separatçılığından asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın qeyri-hökumət təşkilatları ilə, tutaq ki, Dağlıq Qarabağda olan sakinlərin hər hansı bir təması, məncə, yolveriləndir. Lakin Ermənistanla bağlı məsələyə ciddi aydınlıq gətirilməlidir. Çünki erməni tərəfi bu məsələdən sui-istifadə edərək dünya ictimaiyyətinə car çəkir ki, baxın, Azərbaycan xalqı ilə Ermənistan xalqının heç bir problemi yoxdur, onlar sərbəst gedib gəlirlər və demək olar ki, bu problem xalqlar arasında deyil, hökumətlər arasındadır. Ermənilərin əlinə əsas verməmək üçün, mənə elə gəlir ki, bu layihəyə ehtiyac var. Bu barədə biz düşünməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım, media nümayəndələri! Mən istərdim, bu gün həm millət vəkillərinin, həm ölkənin siyasi rəhbərliyinin diqqətini bir problemə yönəldim. Bu da Azərbaycan futbolunda yaranmış vəziyyətlə bağlıdır. Burada oturanların hər biri bilir ki, futbol dünyada ən populyar bir idman növüdür. Artıq qadın futbol komandaları da yaranıb. Dünyada kişilərlə bərabər tamaşaçıların yarısı qadınlar olur. Amma Azərbaycan futbolunda, təəssüf ki, heç bir dönüş yaratmaq mümkün deyil.
Bu yaxınlarda bizim Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi. Həmin iclasda kimin söz demək imkanı vardısa, onlar da oradan uzaqlaşdırıldı. O cümlədən bizim deputat həmkarımız Rauf Əliyev. Onlar kənarlaşdırılandan sonra İcraiyyə Komitəsində çox biabırçı və ölkəmizə baş ucalığı gətirməyən bir qərar da qəbul olundu. Milli komandaya legioner limiti müəyyənləşdirilib. Bu, doğrudan da, əsaslandırılması mümkün olmayan biabırçı bir qərardır. Ona görə ki, İcraiyyə Komitəsində artıq müstəqil söz demək imkanı olan bir nəfər də qalmayıb. Həmin vəzifə seçkili vəzifə olmasına baxmayaraq, bizim AFFA-nın prezidenti bəyan edir ki, onu ora qoyublar. Ona görə də istefa verməyə də hazırlaşmır.
Milli komanda 15 il ərzində cəmi 3 dəfə qalib gəlib. Biz komandamızın vəziyyətini Cənubi Qafqazdakı qonşu respublikalarla müqayisə edək. Mən hesab edirəm ki, ölkənin indiki imkanları çərçivəsində Azərbaycan futboluna kifayət qədər vəsait ayrılır. Ümumiyyətlə, idmana həddindən artıq vəsait ayrılır. Hətta biz büdcənin müzakirəsində olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın təlim-məşq toplantılarının keçirilməsi üçün 5 milyon dollar vəsait ayırdıq.
Mən hesab edirəm ki, Azərbaycanın rəhbərliyi bu məsələyə diqqət yetirməlidir. Biz imkan verməməliyik ki, ora kimsə özünün şəxsi dükanı kimi baxsın, istədiyi adamları, ictimai iaşə işçilərini, tikinti işçilərini toplasın. Futbol incəsənətdir. Tutaq ki, Bəstəkarlar Birliyinə toplaşan insanlar yaradıcı insanlardır. Hamı idmanla məşğul ola bilər. Amma peşəkar idmançıdan istedad, qabiliyyət tələb olunur. İsgəndər Cavadov kimi Azərbaycan futbolunda tanınmış bir şəxs kənarlaşdırılır, İcraiyyə Komitəsindən çıxarılır və heç kim də buna etiraz eləmir. Mən xahiş edirəm, bu məsələyə ölkə rəhbərliyi diqqət yetirsin. Biz futbolumuzu lazım olan səviyyəyə qaldıra bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bilirəm, Sizin futbola çox həvəsiniz var. Deputatlardan ibarət futbol komandası da təşkil eləmişik. Rumıniyada yoldaşlıq görüşü keçirilməli idi. Lakin hakimiyyət böhranı olduğu üçün təxirə salındı. İnşallah, gələn dəfə gedəndə İsgəndər Cavadov Sizin məşqçiniz kimi gedəcək. Bu məsələyə aydınlıq gətirərik. Nəsib Nəsibli.
N. Nəsibli. Cənab Sədr, təşəkkür edirəm. Əgər mümkündürsə, sıradakı yerimi Cəmil Həsənliyə verim. Vaxt olsa, Cəmil müəllimin yerinə mən danışaram. Çox təşəkkür edirəm.
Sədrlik edən. Cəmil Həsənli, buyurun.
C. Həsənli. Cənab Sədr, təşəkkür edirəm. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bizim iki iclasın gündəliyinə Azərbaycanın iqtisadi, mədəni həyatının, həmçinin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox vacib olan qanun layihələri salınıb. Yəqin ki, bu qanun layihələrinin müzakirəsi səmərəli keçəcəkdir.
Bununla bərabər gündəliyə bir əlavə təklif vermək istəyirəm. Bu təklif də ondan ibarətdir ki, məlum olduğu kimi, aprel ayının sonlarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı məruzə dinlənilib. Bu məruzədə həm yaxşı mənada, həm də tənqidi mənada qeydlər öz əksini tapıb. Əgər mümkün olsa, uyğun bilsəniz, mən bu məruzənin Azərbaycan parlamentində müzakirə edilməsini, ən azı nümayəndə heyətinin rəhbərliyi səviyyəsində parlamentə məlumat verilməsini və bu məlumatın müzakirə olunmasını təklif edirəm.
Məlum olduğu kimi, həmin tənqidi qeydlər içərisində Azərbaycanda korrupsiyanın geniş yayılması və Azərbaycanın məhkəmə sistemindəki vəziyyətlə bağlı çox maraqlı fikirlər var. Məsələn, Oqtay müəllim, nümunə olaraq, mən göstərmək istəyirəm ki, Pənah Hüseynlə biz – iki deputat 8 aydır haqqımızda söylənilən böhtana qarşı, bizim şərəf və ləyaqətimizin vəzifəli şəxs tərəfindən təhqir olunmasına qarşı iddiamızı məhkəməyə çıxara bilmirik. Hansı məhkəməyə müraciət ediriksə, gedir, Mənzil İstismar İdarəsindən bir arayış alır ki, həmin ünvan burada yerləşmir. Axı, bu ünvan Bakı şəhərində bir yerdə yerləşir, ya yox? Ondan yuxarı instansiya da bunu təmin eləmir. Söhbət Zakir Qaralovdan gedir. Mən bu məsələni burada qaldırmaq istəmirdim. Bilirsiniz, bu cür adamlar rəhbər vəzifəyə təyin olunanda nəticəsi belə olur. Zakir Qaralov vaxtı ilə sərxoşluq üstündə rayon prokuroru vəzifəsindən azad edilmişdi.
Sədrlik edən. Bir dəqiqə, xahiş edirəm. Cəmil müəllim, əgər Sizin elə bir sualınız varsa, üzr istəyirəm, niyə şou düzəldək? Siz bir dəfə nə mənə müraciət eləmisiniz, nə də ora müraciət eləmisiniz. Avropa Şurasından başlayıb Zakir Qaralova keçirsiniz. Mən xahiş edirəm, gündəlik çərçivəsində danışaq. Hüquqi dövlətdir. Hara müraciət eləmisiniz? Bu məsələ həll oluna bilər. Amma iclasda bu məsələləri kənara qoyaq. Hər dəfə məsələ müzakirəyə çıxarılanda gündəlik ətrafında təklif verin. Mən Sizi istənilən vaxt qəbul eləyə bilərəm. Hansı məsələ varsa, həll eləyək. Burada millət vəkillərinə başqa söz deyirsiniz. Xahiş edirəm, mənə müraciət edirsinizsə, başqa cür müraciət eləyin. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də gündəliyə daxil olan məsələlər arasında bir neçə dəfə Milli Məclisdə barəsində danışdığım Amnistiya haqqında qanun layihəsini görürəm. Çox sevinirəm ki, iclaslarımızın birində Amnistiya haqqında qanun layihəsinə baxacağıq. Həmkarımız Mehriban xanım Əliyevaya da təşəkkür edirəm ki, belə bir təşəbbüslə çıxış eləyib və Amnistiya haqqında qanun layihəsini Milli Məclisə təqdim edib.
Gündəliyə daha iki məsələnin daxil olmasını təklif edirəm. Birinci məsələ Azərbaycan mətbuatının durumu ilə bağlıdır. Bilirsiniz ki, bir neçə dəfə millət vəkilləri ANS-in lisenziyası ilə bağlı məsələ qaldırmışdı, amma uzun müddət həllini tapmırdı. Şükürlər olsun ki, ANS öz lisenziyasını ala bildi. Amma mətbuatın problemi təkcə bununla yekunlaşmır. Son günlər jurnalistlərin üzərinə olan basqılar, jurnalistlərin döyülməsi, həbs olunması, o cümlədən Üzeyir Cəfərovun döyülməsi və hüquq mühafizə orqanları tərəfindən hələlik cinayətkarların tapılmaması, Eynulla Fətullayevin həbsi, Rauf Arifoğlu haqqında rayon məhkəmələrində yenidən cinayət işinin başlanması Azərbaycan mətbuatının yaxşı durumda olmadığını göstərir. Həmçinin məmurların, ayrı-ayrı iş adamlarının sifarişi ilə söz və mətbuat azadlığına yeni bir hücum dalğasının baş qaldırması ölkənin imicinin aşağı salınmasına xidmət edir.
Üzvü olduğum İnsan hüquqları daimi komissiyası bu məsələləri Milli Məclisdə müzakirə etmək üçün ən azı bir komissiya yaratmalı və tədqiq etməlidir. Hörmətli Sədr, Sizə məruzə olunmalıdır. Sonra əgər gərəkdirsə, həmin məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər.
İkinci məsələ. Uzun müddətdir ki, Azərbaycan mətbuatında ayrı-ayrı etnik qrupların başqa dövlətlərdən Azərbaycana köçürülməsi ilə bağlı çox geniş şəkildə informasiya səslənir, müzakirələr açılır, telekanallarda göstərilir. Bu da dövlət sərhəd xidməti orqanlarında, yerlərdə əhali ilə qarşıdurma yaradır. Söhbət konkret olaraq Türkiyənin ayrı-ayrı vilayətlərindən kürd əsilli insanların sistemli və planlı şəkildə Azərbaycana köçürülməsindən gedir. Təbii ki, əhali arasında da ciddi şəkildə narazılıq yaradır. İnformasiya vasitələrində ayrı-ayrı mövqelər ifadə olunur. O cümlədən son günlər Qırmızı Körpü adlanan buraxılış məntəqəsində baş verən hadisə sıradan bir hadisə də ola bilər, çox ciddi siqnal kimi də dəyərləndirilə bilər. Xahiş edirəm, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ayrıca bir araşdırma aparsın, səlahiyyətli dövlət orqanlarına müraciət etsin. Bu məsələ yalnız bir millət vəkilinin müraciəti kimi yox, komissiyanın müraciəti kimi araşdırılsın və Milli Məclisin üzvlərinə bu barədə məlumat verilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, Siz İnsan hüquqları daimi komissiyasının üzvüsünüz. Rəbiyyət xanım da burada əyləşib. Məsələni komissiyada həll edin, sonra müzakirəyə çıxarın. Biz etiraz eləmirik. O biri komissiyalar da eyni qaydada. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım, mətbuat nümayəndələri! Bu gün bizim gündəlikdə müzakirəyə çıxarılan məsələlər iqtisadiyyatımızın, həyatımızın ən aktual problemlərinə aiddir. Çox güman ki, biz hamımız fəallıqla qanunların, əlavə və dəyişikliklərin qəbul edilməsinə nail olacağıq. Şübhəsiz ki, ölkəmizdə son illərdə istər iqtisadiyyatda, istər sosial həyatda, istərsə də beynəlxalq təcrübədə qazanılan uğurların, nailiyyətlərin kökündə bizim qanunvericilik təminatının dünya ənənələrinə uyğun olaraq düzgün qurulması durur. Bu baxımdan mən gündəlikdə olan qanun layihələrini dəstəkləyirəm və çox güman ki, onlara səs verəcəyəm. Üstəlik 1993-cü ildən bəri qəbul olunan bütün qanunların təsiri altında əldə olunmuş nailiyyətlər, inkişaf tempinə görə Azərbaycanın dünyanın ən qabaqcıl ölkələrindən biri səviyyəsinə qalxması qanunlara olan qayğıların və diqqətin nəticəsidir. Sözün əsl mənasında, bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu vahid strategiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamətində atılan addımların nəticəsidir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında, təhsildə, səhiyyədə əldə edilən nailiyyətlər, eləcə də Mehriban xanım Əliyevanın xidmətləri nəticəsində əldə olunan uğurlar Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ömrünün məntiqi davamıdır. Bu, Azərbaycan cəmiyyəti tərəfindən belə də qəbul olunur.
Hörmətli Sədr, ümumiyyətlə, mən qanun layihəsi barədə deyə bilərəm ki, indiyə qədər qəbul etdiyimiz qanunlar, əlavə və dəyişikliklər pərakəndə şəkildə çap olunur. Təklif edərdim ki, biz buna yenidən baxaq. Bu qanunlar toplu şəklində yenidən çap olunub ictimaiyyətə çatdırılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 5 aprel 2007-ci ildə Quba şəhərində stadion təmir edilərkən 1918-1920-ci illərdə ermənilər tərəfindən kütləvi qırğına məruz qalmış böyük bir insan məzarlığı aşkar edilmişdir. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları hadisə yerində olublar. Onlar ilkin rəy vermişlər ki, həqiqətən, bu hadisə 1918-1920-cı illərdə baş vermişdir. Bundan əlavə, Yeni Azərbaycan Partiyası Dəyirmi masa keçirmiş, Yeni Azərbaycan Partiyasının üzvləri və biz – millət vəkilləri həmin yerdə olmuşuq. Buna görə də mən onlara öz təşəkkürümü bildirirəm. Amma çox təəssüflər olsun ki, bu günə qədər bu hadisə ilə əlaqədar ictimai təşkilatlar, partiyalar tərəfindən, o cümlədən dövlət qurumları tərəfindən ciddi reaksiya verilməmişdir.
Bilirsiniz ki, 2008-ci ildə uydurma erməni soyqırımının 90 illiyi qeyd olunacaqdır və ermənilər buna çox böyük hazırlıq görürlər. Bununla əlaqədar mən artıq dərəcədə xahiş edərdim ki, dövlət səviyyəsində beynəlxalq ekspertlərin bu işə cəlb olunması üçün dövlət komissiyası yaradılsın. Bununla əlaqədar təkliflər Prezidentin İcra Aparatına verilib. Oqtay müəllimdən xahiş edərdim ki, Milli Məclis də bu məsələyə öz rəsmi mövqeyini bildirsin və bu məsələ Milli Məclisin gündəliyinə salınsın. Həm Qubada, həm də Neftçalada aşkarlanan məzarlıqlar barədə Milli Məclis öz qərarını versin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk növbədə parlament üzvlərinə bu gün paylanmış çox mühüm bir qanun layihəsinin əhəmiyyətini vurğulamaq istəyirəm. Şübhəsiz ki, amnistiya aktı çox sayda insanların həyatını əhatə edəcəkdir. Bu, ilk növbədə, cəmiyyətdə barış, güzəşt, humanizm və mərhəmət hisslərinin daha artıq dərəcədə özünə yer tapması deməkdir. Bu mənada ölkənin idarəçiliyində ulu öndərimizin adını daşıyan fonda rəhbərlik eləyən, eyni zamanda, parlament üzvü olaraq çox böyük bir missiya daşıyan hörmətli Mehriban xanım Əliyeva tərəfindən belə bir təşəbbüsün meydana gəlməsi bir tərəfdən Azərbaycan cəmiyyətində həmin hisslərin güclənməsinə səbəb olacaq, ümumi həmrəyliyə təsir göstərəcək, digər tərəfdən isə parlamentdən və dövlətin digər institutlarından gözlənilən etimad mühitinin yaradılmasına təsir göstərəcəkdir. Bu mənada mən bunu alqışlayıram. Bu xeyirxahlıq ailələri, insanları, o cümlədən Azərbaycan anasını, Azərbaycan qadını sevindirəcəkdir.
İkincisi, burada mətbuatla bağlı məsələyə toxunuldu. Cənab Sədr, Azərbaycana daxil olan neft gəlirləri artdıqca ölkənin içərisində və xaricində bizim daxili durumumuzun təhlili və qiymətləndirilməsi ilə məşğul olan müfəttişlər peyda olur. Əslində, mənim aləmimdə mətbuat azadlığının qiymətləndirilməsi müxtəlif ölçülər üzrə aparıla bilər. Bu, ilk növbədə, həmin kütləvi informasiya vasitələrinə rəhbərlik eləyən insanların şəxsi keyfiyyətindən asılıdır. Yəni özü kölə olan şəxs mətbuatı azad eləyə bilməz. İkincisi, mənim aləmimdə mətbuatın azad olması üçün mənşəyi bəlli olmayan çirkli pulların bu mətbuata qoyulması ənənəsi dayandırılmalıdır. Bu, mətbuat azadlığına ciddi şəkildə təsir göstərir.
Üçüncüsü, mətbuat hakimiyyət uğrunda mübarizənin bir barrikadasına, bir siyasi düşərgəsinə çevrilib. Onların özündən də soruşanda bunu inkar eləmirlər. Əslində, mətbuatın funksiyası tamam ayrıdır. Bu mənada mənim aləmimdə mətbuat azadlığı daha artıq dərəcədə cəmiyyətə qərəzsizliyi, obyektivliyi, doğru-dürüst fikri və informasiyaları yox, mənəvi terroru, kimləri isə qəzet səhifəsində linç etməyi, ölkənin iqtisadi həyatına qara yaxmaqla investisiya mühitinə zərbə vurmağı təlqin eləyir. Bu mənada mən ölkəni mətbuat azadlığının səviyyəsini, ümumilikdə, cəmiyyətin azadlıq indeksini aşağı göstərmək istəyənlərlə barışmıram.
Mənim vaxtım başa çatır. Ötən dəfə bununla bağlı təkliflərim oldu. Bu yöndə Avropa Şurasının təkcə Azərbaycana yox, ümumiyyətlə, Avropa Şurası məkanına tövsiyəsi ondan ibarətdir ki, biz mətbuata təhqir hüququnu verək. Əsaslandıra bilməyəcəyəm. Çünki vaxtım başa çatdı.
Sədrlik edən. Sağ olun. Biz qısaca müzakirələr keçirdik. O ki qaldı ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında qərar layihəsinə, mən vaxtı ilə Milli Məclisdə məsələ qaldırılanda dedim ki, bu məsələ haqqında artıq müraciət olunub. Bu, təşəbbüs yox, artıq qərar layihəsi şəklində Milli Məclisə daxil olub. Biz bunu komissiyaya göndərmişik. Sabah komissiyada bu məsələyə baxılacaq. İstənilən millət vəkili bu müzakirədə iştirak eləyə bilər.
Bizim bəzi millət vəkillərini Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı məsələlər narahat eləyir. Nümayəndə heyətinin bir neçə dəfə televiziyada Dəyirmi masa keçirməsinə baxmayaraq, indi Milli Məclisə də məlumat vermək lazımdır. Biz o haqda da fikirləşmişik. Səməd Seyidov yoxdur. Mən xahiş edərdim ki, Əli Hüseynov Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası barədə qısa arayış versin. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Bildiyiniz kimi, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyəti Səməd Seyidovun rəhbərliyi ilə 2007-ci il aprelin 16-20-də Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak etmişdir. Avropa Şurası Parlament Assambleyasının növbəti yaz sessiyasının ilk günündə Assambleyanın Bürosunun iclası keçirilmiş və aprel sessiyasının gündəliyi düzəlişlərlə təqdim edilmişdir. Qeyd etməliyəm ki, yaz sessiyasının ilk iclası komitə iclasları ilə başlamışdır. Monitorinq komitəsinin iclasında Azərbaycan tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi üzrə məruzəçilər Andreas Herkel və Toni Loyd Azərbaycan nümayəndə heyəti və digər parlamentarilər tərəfindən təklif edilmiş düzəlişlərə münasibət bildirmişlər. Eyni zamanda, onlar öz düzəlişlərini də təqdim etmişlər. Sonra sessiya öz işinə başlamışdır.
Bildiyiniz kimi, sessiyanın gündəliyində ilk məsələ Azərbaycanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı idi. Öncə məruzəçilər çıxış etmişlər. Bundan sonra Avropa Şurası Parlament Assambleyasının müxtəlif ölkələrindən olan deputatları, habelə bizim nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Gültəkin xanım Hacıyeva, Qənirə xanım Paşayeva, Rafael Hüseynov və mən çıxış edərək həmin məruzəyə münasibətimizi bildirdik. Qeyd etməliyəm ki, bütövlükdə məruzənin ruhu Azərbaycanda gedən prosesləri, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunarkən öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələləri əks etdirirdi. Məruzədəki bir sıra tənqidi məqamlara Azərbaycan nümayəndə heyəti iclaslarda öz fikirlərini, daha doğrusu, etirazlarını bildirdi. Bəzi tənqidi məqamlar öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi. Onları biz qeyd etmişik və nəzərə alırıq. Amma bir daha qeyd etmək istəyirəm ki, bütövlükdə məruzənin ruhu çox normal olub. Dağlıq Qarabağla bağlı məsələdə Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alındığına görə biz məruzəyə müsbət münasibətimizi bildirmişik.
Qeyd etmək istəyirəm ki, müzakirələr bitdikdən sonra düzəlişlər müzakirə olundu. Azərbaycan nümayəndə heyəti 13 düzəliş təklif etmişdi. Bunlardan 9-u qəbul olundu. Ermənistan tərəfi isə 2 düzəliş təklif etmişdir. Qeyd etməliyəm ki, Ermənistan tərəfi məruzə layihəsinin 9.2-ci bəndində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” ifadəsindən “Azərbaycan Respublikası” sözlərinin çıxarılmasını təklif eləmişdi. Qeyd etdiyim kimi, monitorinq komitəsində bu təklifin əleyhinə çıxışlar oldu. Yalnız Ermənistan nümayəndə heyətinin üzvləri bunun lehinə səs verdilər. Parlament Assambleyasının plenar iclasında da bu məsələ səsə qoyuldu və hesab edirəm ki, Azərbaycan üçün çox mühüm qərar qəbul olundu. Həmin düzəliş qəbul olunmadı. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi” ifadəsi məruzədə öz əksini tapdı. Təbii ki, bu bizim üçün çox prinsipial bir məsələ idi. Ona görə də müəyyən tənqidi məqamlara baxmayaraq, bizim nümayəndə heyəti bütövlükdə məruzənin lehinə səs verdi. Yəni onlarla həmrəy olduğumuzu bildirdik. Elə həmin gün Qənirə Paşayevanın Şuşanın işğalının 15-ci ildönümü ilə bağlı Avropa Şurasının Nazirlər Kabinetinə ünvanladığı yazılı sualı da dərc olunmuşdur. Mən məruzə ilə bağlı digər məqamlara da qayıdacağam. Amma istərdim, öncə nümayəndə heyətinin fəaliyyəti ilə bağlı qısaca məlumat verim.
Sessiyanın ikinci günü, yəni aprelin 17-də komitə iclasları keçirildi. Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında Ermənistan, Azərbaycan və Gürcüstanda itkin düşmüş şəxslərlə bağlı məruzədə məruzəçinin özü tərəfindən təklif olunmuş düzəlişlər qəbul olundu. Dağlıq Qarabağa dair 14-16 saylı qətnamənin həyata keçirilməsi üzrə xüsusi komitənin iclasında isə Ermənistan tərəfi iştirak etməmişdir. Onlar gəlməmişdilər. İclasda komitənin sədri Lord Rassel Conston bölgəyə nəzərdə tutulan razılaşdırılmış səfərinin tarixi və proqramı barədə qərara gəlməkdən ötrü nəzərdə tutulan görüşü təxirə salmışdır. Yalnız Azərbaycan tərəfinin iştirak etdiyi görüşdə Lord Rassel Conston komitənin gələcək fəaliyyəti barədə məlumat verdi.
Günün ikinci yarısında San-Marinonun xarici işlər naziri, Nazirlər Komitəsinin sədri cənab Stolsi tərəfindən Nazirlər Komitəsinin adından Parlament Assambleyasına məlumat təqdim olunması davam etdirildi.
Həmin gün nümayəndə heyətinin üzvü Qənirə xanım Paşayeva separatçı rejimin iyun ayının 19-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “prezident seçkilərinə” hazırlaşmasına Nazirlər Kabinetinin münasibət bildirməsi ilə bağlı sual ünvanladı. Eyni zamanda, nümayəndə heyətinin üzvü Rafael Hüseynov İrana ABŞ tərəfindən gözlənilən hücum zamanı bu ölkənin mədəni irs abidələrinin məhv olmasının qarşısının alınması ilə bağlı Avropa Şurasının görə biləcəyi tədbirlərlə bağlı sual ünvanlamışdı.
Sessiyanın üçüncü günü, yəni aprelin 18-də Avropada insan hüquqlarının və Avropada demokratiyanın vəziyyəti ilə bağlı müzakirələr keçirildi. Bunlar çox maraqlı müzakirələr idi. Avropa Şurasına üzv olan bir çox ölkələrdə insan hüquqları və demokratiyanın vəziyyəti ilə bağlı çıxışlar oldu. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov demokratiya ilə bağlı fikirlərini söylədi. O qeyd etdi ki, ikili standartlar yolverilməzdir. Avropa Şurasının praktikasında Azərbaycanı misal çəkdi. Qeyd olundu ki, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Təbii ki, ikili standartlar olmamalıdır. Həm Azərbaycana, həm də Ermənistana eyni yanaşma olmalıdır.
Sessiyanın dördüncü günü, yəni aprelin 19-da komitə iclasları davam etdirildi. Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında nümayəndə heyətinin üzvü Gültəkin xanım Hacıyevanın beynəlxalq miqrasiya təşkilatının fəaliyyəti üzrə məruzə layihəsi müzakirə edilmişdir. Məsələyə iyun sessiyasında qayıtmaq qərara alınmışdır. Eyni zamanda, Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin iclasında Gültəkin xanım Hacıyevanın məruzəçisi olduğu Passat işi üzrə məlumat memorandumu müzakirə olunmuşdur. Qərara alınmışdır ki, cari ilin payızında Gültəkin xanıma Moldovaya səfər etmək səlahiyyəti verilsin.
Günün ikinci yarısında komitə iclasları keçirilmiş, insan hüquqları üzrə altı komitənin iclasında Azərbaycan, Litva, İtaliya, Belçika, Serbiya, Çernoqoriyada işgəncələrə qarşı Avropa Komitəsinin irəli sürdüyü namizədlərin siyahısı, eyni zamanda, alt komitənin tövsiyələri müzakirə olunmuşdur. Bunları qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, sessiyanın işində Azərbaycan nümayəndə heyəti fəal iştirak etmişdir. Yəni təkcə Azərbaycana dair məruzə ətrafında yox, bütövlükdə Avropada demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı digər məsələlərdə də fəal iştirak etmişlər.
İndi icazə versəniz, Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bir neçə məsələyə qayıtmaq istərdim. Biz qeyd etdik ki, burada bir sıra tənqidi məqamlar öz əksini tapmışdı. Belə ki, biz onlarla razı deyildik. Misal üçün, məruzədə belə fikirlər əks olunub ki, Azərbaycanda korrupsiyanın səviyyəsi artır. Mən hesab edirəm ki, məruzəçilər ziddiyyətli fikirlərə yol verirlər. Niyə? Çünki bir tərəfdən qeyd olunurdu ki, Azərbaycanda korrupsiyanın səviyyəsi artır. Amma hesab edirəm ki, əksinə, ən yüksək səviyyədə, nazirlər səviyyəsində korrupsiyada ittiham olunan şəxslərin, yəni sabiq səhiyyə nazirinin, sabiq iqtisadi inkişaf nazirinin həbsi, onlarla bağlı məhkəmə prosesləri Azərbaycanda korrupsiyaya qarşı həyata keçirilən siyasi iradənin nəticəsidir və korrupsiyaya qarşı mübarizənin güclənməsi ilə bağlıdır.
Təbii ki, məruzədə, ümumiyyətlə, Avropa Şurasında tənqidi fikirlər olur. Biz buna dözümlə yanaşırıq. Sadəcə, mən parlamentə məlumat vermək istəyirəm ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, Azərbaycanın qeyri-hökumət təşkilatlarının və beynəlxalq ekspertlərin iştirakı ilə “Avropa” mehmanxanasında korrupsiyaya qarşı 2007-2010-cu illəri əhatə edən yeni milli strategiya ictimai müzakirəyə təqdim olunmuşdu. Mən hesab edirəm ki, gələcək məruzələrdə Azərbaycanda həm korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən qanunvericilik işləri, həm də praktik işlər öz əksini tapacaqdır.
Həmkarım Cəmil müəllimin qeyd etdiyi kimi, digər məsələ məhkəmə islahatları ilə bağlıdır. Qeyd etməliyəm ki, Azərbaycanda həyata keçirilən məhkəmə islahatları məruzədə müsbət qeyd olunmuşdur. Xüsusən, son dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən işlər, hakimlərin şəffaf seçki prosesi müsbət məqam kimi qeyd olunmuşdur.
Tənqidi məqamlardan biri parlamentin amnistiya ilə bağlı konkret addımlar atmaması ilə bağlı idi. Amma artıq bilirsiniz ki, parlamentin gündəliyinə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən artıq Amnistiya haqqında qərar layihəsi təqdim olunmuşdur. Hesab edirəm ki, bu tənqidi məqam da artıq müsbət həllini tapıb.
Məruzədə ANS televiziya şirkətinə lisenziyanın verilməməsi ilə bağlı tənqidi fikirlər olmuşdur. Amma məlumatlısınız ki, bu günlərdə ANS şirkətinin lisenziya məsələsi öz həllini tapmışdır. Bir sıra tənqidi fikirlər birbaşa parlamentin fəaliyyətinə aiddir. Bunlar Alternativ xidmət haqqında qanun qəbul olunmaması ilə bağlıdır. Bizim həmkarlarımız, bəzi millət vəkilləri düşünürlər ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanı tənqid edir. Mən elə bilirəm ki, çox real addımlar atmaq olar. Yəni Alternativ xidmət haqqında qanunu qəbul etmək mümkündür. Düşünürəm ki, burada biz həmrəy olmalıyıq. Çünki tənqid təkcə Azərbaycan hökumətinə aid olmur. Tənqid bütövlükdə parlamentə də, qanunvericiliklə bağlı götürdüyümüz öhdəliklərə də aid ola bilər. Ona görə də mən həmkarlarımı bu qanunun qəbul olunmasında iradə nümayiş etdirməyə dəvət edirəm.
Cənab Sədr, son olaraq demək istəyirəm ki, razılaşmadığımız müəyyən tənqidi fikirlərə biz dözümlə yanaşırıq. Təbii ki, bu məsələlərdən nəticə çıxarmaq lazımdır. Amma qeyd etdiyim bir sıra məqamlar var ki, biz onunla razı olmamışıq. Komitədə bu fikirlərimizi açıq bildirmişik və yenə də öz fikrimizdə qalırıq. Hesab edirəm ki, heç də həmişə bu tənqidi fikirlərə etiraz etməyə dəyməz. Çünki bütövlükdə Avropa Şurasında müzakirəyə çıxarılan məsələlərdə tənqidi məqamlar olur və bunlar bizi narahat etmir. Mən hesab edirəm ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri davamlı olaraq yerinə yetirir. Azərbaycanda demokratikləşmə prosesi sürətlə gedir. Hesab edirəm ki, Azərbaycanın özünün kifayət qədər siyasi iradəsi mövcuddur ki, Avropaya inteqrasiya sahəsində işləri uğurla davam etdirsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, ətraflı hesabat oldu. Biz müzakirə eləmirdik. Mən dedim ki, Avropa Şurasındakı nümayəndə heyəti hesabat versin.
Biz indi gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Cənab Sədr, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinə cənab Prezident tərəfindən iki dəyişiklik təklif olunmuşdur. Həmin dəyişikliklər mahiyyət etibarı ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər və əlavələrlə bağlıdır. Təklif olunur ki, 227-ci maddədə az miqdarda vergilərdən yayınmaq məqsədi ilə vergi deklarasiyalarının ödənilməsi ilə bağlı sənədlərin təqdim edilməsi qaydalarının pozulması inzibati xəta hesab olunsun. Hesab edirəm ki, bu çox düzgün məsələdir.
Eyni zamanda, təklif olunur ki, Məcəllədən “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” adlanan 252-ci maddə çıxarılsın. Bilirsiniz ki, biz bu məsələni müzakirə etdik. Vergi Məcəlləsində bu məsələ öz əksini tapdığına görə iki dəfə bunun qanunvericilikdə təkrarlanması məqsədəuyğun deyil. Ona görə də İnzibati Xətalar Məcəlləsindən bu maddənin çıxarılması təklif olunur. Amma bu məsələ Vergi Məcəlləsi ilə tənzimlənir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E. Axundova. İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələr qabaq müzakirə olunmuşdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Əli müəllim geniş məlumat verdi. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bu dəyişikliklər cənab Prezidentin imzası ilə daxil olmuşdur. Həmin dəyişikliklər Məcəllənin sistemli işləməsini, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının tətbiqi işini bir qədər yüngülləşdirir. Burada qeyd olunduğu kimi, vergilərin və digər inzibati ödənişlərin hesablanması və ödənməsi ilə bağlı sənədlərin təqdim edilməsi qaydalarına edilən əlavələr və düzəlişlər, məncə, məqsədəuyğundur. O ki qaldı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, Əli müəllim çox düzgün qeyd etdi ki, bu, təkrarçılığa gətirib çıxarır. Ona görə də həmin maddənin çıxarılmasını mən də məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Bizdə əvvəllər minimum əmək haqqı 5 min 500 manat idi. Yəni köhnə pulla. O zaman sanksiyanın miqdarı hesablananda bu çox böyük vəsait eləmirdi. İndi belə çıxır ki, bu yeni dəyişikliklərdən sonra müfaviq icra hakimiyyəti orqanlarına sənədlər vaxtında təqdim edilməsə, 3 min yeni Azərbaycan manatına qədər cərimə nəzərdə tutulur. Bir tərəfdən Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda işgüzar mühitin yaxşılaşdırılması istiqamətində fərmanlar imzalayır və Azərbaycan hökuməti bəyan edir ki, biz bu istiqamətdə fəaliyyət göstəririk. Digər tərəfdən belə ağır sanksiyaların saxlanması sui-istifadə hallarına yol aça bilər. Biz bu məsələyə yenidən baxsaq, yaxşı olardı. Burada sanksiyanı yüngülləşdirmək lazımdır. Yəni vaxtında sənəd təqdim etməməyə görə bu qədər yüksək cərimənin nəzərdə tutulması məqsədəmüvafiq deyil. Ya da minimum əmək haqqını şərti maliyyə vahidi ilə əvəzləyək. Yəni əvvəlki kimi təqribən 5 min 500 manat nəzərdə tutulsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, bu məsələyə aydınlıq gətirin.
Ə. Hüseynov. Cənab Sədr, hər halda məndə olan məlumata görə, bu, minimum əmək haqqı yox, şərti maliyyə vahididir. Biz düzəliş etmişik və o elə də tətbiq olunmalıdır.
Sədrlik edən. Oldu. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Gündəliyin 2-ci məsələsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqındadır. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsində “müvafiq icra hakimiyyəti orqanının maddi həvəsləndirmə və inkişaf fondu hesabına həyata keçirilir” sözlərinin “vergi orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir” sözləri ilə əvəz edilməsi təklif olunur. Komissiyada müzakirə olunmuşdur. Xahiş edirəm, müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Texniki dəyişiklikdir. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Bu məsələyə 5 komissiyanın iclasında baxılmışdır. Əvvəlcə Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli buyursun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu, iki məcəlləyə və bir Qanuna dəyişikliklər edilməsi ilə bağlı layihədir. Bizim komissiyada Mənzil Məcəlləsinə edilən dəyişikliklər və əlavələr müzakirə olunub. Əslində, bu, Qanunun yaradıcılıq texnikası baxımından olan düzəlişdir. Məcəllədə “SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi əsaslarına” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə”, eyni zamanda, “SSR Nazirlər Soveti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. Hər iki maddədə buna oxşar dəyişikliklərdir. Biz hesab edirik ki, texniki dəyişiklik olduğundan buna səs vermək olar. Bizim komissiyamız buna səs veribdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Bizim komissiyada da Mənzil Məcəlləsi ilə bağlı məsələ müzakirə olunub. Hesab edirik ki, texniki məsələ olsa da, bu düzəlişi etmək lazımdır. Həmkarlarımızı buna səs verməyə dəvət edirik.
Sədrlik edən. Digər komissiyaların əlavələri yoxdur ki? Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir (ikinci oxunuş). Bu məsələyə 3 komissiyada baxılıb. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirənizə təqdim olunub. Birinci oxunuşdan keçən müddət ərzində qanun layihəsinin üzərində ciddi iş aparılıb. Hörmətli millət vəkillərimizin iradları, tövsiyələri, təklifləri yeni layihədə öz əksini tapıb. Doğrudan da, ədalət naminə deyək ki, kifayət qədər tövsiyələr vardı. Bunların hər biri qanun layihəsini mükəmməl bir sənəd kimi sizə təqdim etməyə imkan verib.
İlk növbədə onu deyim ki, qanun layihəsi 8 maddədən ibarətdir. İradlar, əsasən, preambula hissəsinə aiddir. Doğrudan da, preambula hissəsində olan dəqiqləşmə haqqında onu demək olar ki, yeni variant qanunun mahiyyətinin tam açılmasına imkan verir. Belə ki, ilk variantda “Cəmiyyət və onun yaratdığı təşkilatlar dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətlərin xüsusiyyətlərini müəyyən edir” ifadəsi qanun layihəsinin mahiyyətini tam əhatə etmədiyinə görə “Cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir” sözləri ilə əvəzlənib. Zənnimcə, bu preambula qanunun məzmununu və mahiyyətini daha dəqiq ifadə edir.
Maddə 1. Doğrudan da, maddənin adı hörmətli həmkarlarımın iradına səbəb olmuşdu. Əvvəlki variantda “Azərbaycan Qızıl Aypara Cəmiyyəti anlayışı” adlanırdı. İkinci oxunuşda “Cəmiyyətin statusu” ifadəsi ilə əvəz olunub və burada bəndlər azaldılıb, təkrarlar aradan qaldırılıb. Konkret olaraq bildirilir ki, cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır. Ancaq bu qeyri-hökumət təşkilatını bu gün Azərbaycanda fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarından fərqləndirən xüsusiyyətlər 1.2-ci maddədə öz əksini tapıb. Burada dəqiq göstərilir ki, cəmiyyət beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə milli təşkilatdır.
Bundan savayı, bu təşkilatın özəlliyi həm də ondadır ki, başqalarından fərqli olaraq, fəlakət baş verdiyi halda cəmiyyət öz fəaliyyətini əlavə icazə olmadan birbaşa həyata keçirə bilər. Nəhayət, digər bir xüsusiyyət. Bu təşkilat “Qırmızı Xaç və Qırmızı Aypara emblemindən istifadə və onların müdafiəsi haqqında” Qanunla öz fəaliyyətini həyata keçirir.
Maddə 2. Burada yenə ad dəyişdirilib. Əvvəlki variantda həmin maddə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanunvericilik” adlanırdı. Bu, həmin məzmunu əhatə etmədiyinə görə ikinci variantda “Cəmiyyətin fəaliyyətinin hüquqi əsasları” adlanır. Sözsüz ki, cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Müharibə qurbanlarının müdafiəsi haqqında Konvensiya (həmin Konvensiya 1949-cu il 12 avqustda Cenevrədə imzalanıb və Azərbaycan Respublikası bu Konvensiyanı 21 aprel 1993-cü ildə ratifikasiya edib), həmçinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nizamnaməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Nizamnaməsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də cəmiyyətin Nizamnaməsi təşkil edir.
Maddə 3 “Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri” adlanır. Bu maddə 19 bənddən ibarətdir. Bu bəndlərin hər birində olan müddəalar cəmiyyətin fəaliyyətini əks etdirir. Bu fəaliyyət isə yüksək humanizm, insanpərvərlik prinsiplərinə əsaslanır. Hər maddəni, hər bəndi oxuduqca hiss edirsən ki, burada fəaliyyət göstərən insanlar mənəvi dəyərləri özləri üçün əqidə simvoluna çeviriblər. İstər silahlı münaqişə, istərsə də təbii fəlakət zamanı həmin insanların yanında olmaq, yaralanmış insanlara yardım göstərmək, həlak olmuş şəxslərin axtarışını həyata keçirmək və digər fəaliyyətləri yerinə yetirmək böyük məsuliyyətdir, ağır bir işdir. Ancaq şərəfli bir işdir.
Hər bənd, konkret olaraq, cəmiyyətin həyata keçirdiyi vəzifələri özündə ehtiva edir. Bu, konkret işdir. Bu maddədə həmçinin tibbi sosial yardım göstərilməsi, humanitar yardımların paylanması, təlimatçıların hazırlanması, aztəminatlı ailələrə yardım göstərilməsi kimi müddəalar öz əksini tapmışdır. Üçüncü maddənin hər bəndini oxumaq kifayətdir ki, sosial qayğıların böyük bir hissəsinin cəmiyyət üzvlərinin çiyinlərinə düşdüyünün şahidi olasan.
4-cü maddə “Cəmiyyətin hüquqları” adlanır. Sözsüz ki, qanunvericilikdə qeyri-hökümət təşkilatları üçün nəzərdə tutulmuş bütün hüquqlardan cəmiyyətin istifadə etmək imkanı var. Cəmiyyətin hüquqları hansılardır? Birincisi, dövlət və yerli özünüidarə orqanları ilə birgə fəaliyyət göstərmək, humanitar və xeyriyyə xarakterli kütləvi tədbirlərin təşkilində və keçirilməsində iştirak etmək, dövlət orqanları ilə müqavilələr bağlamaq, qeyri-dövlət təcili yardım xidmətini, qeyri-dövlət axtarış xidmətini yaratmaq, fondlar və müəssisələr təsis etmək və s.
Əvvəlki variantda olan 4.0.3-cü bənd çıxarılıb. Yəni əvvəlki variantda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyəti haqqında məlumat yaymaq, cəmiyyətin ideya və vəzifələrini təbliğ etmək, dövlət və yerli hakimiyyət orqanlarından bu Qanunla və cəmiyyətin Nizamnaməsində nəzərdə tutulan məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün zəruri dəstək olmaq kimi məqamlar təkrarlandığına görə çıxarılıb. Ümumiyyətlə, 4-cü maddə yeni redaksiyada verilib. Müqayisəli təhlil bu variantın daha təkmil olduğunu göstərir.
Maddə 5. Belə bir böyük məsuliyyəti boynuna götürən cəmiyyətin maliyyə mənbələri olmalıdır. Təsadüfi deyil ki, hörmətli həmkarlarımın təklifi ilə 5-ci maddə əlavə olunub. Mən cəmiyyətin maliyyə mənbələrini diqqətinizə çatdırmaq və komissiyanın nəzərdə tutduğu yeni bir dəyişikliyi səsləndirmək istəyirəm. Birincisi, üzvlük haqlarıdır. Açığını deyim ki, cəmiyyətin üzvlük haqları həddindən artıq kiçik bir məbləğdir. Yəni ildə 1 manatdır.
İkincisi, əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə edilən gəlirdir. Düzdür, təşkilatın bu saat elə bir əmlakı yoxdur. Amma ümid edirik ki, gələcəkdə hansısa bir yaşayış sahəsi verilərsə, əldə olunan gəlirlər bilavasitə ağır vəziyyətdə olan insanların ehtiyaclarına xərclənəcək. Kütləvi tədbirlərin keçirilməsindən, nəşrlərin və kitabların satışından əldə edilən gəlir, həmçinin ianələr maliyyə mənbəyi rolunu oynaya bilər. Azərbaycanda ianə institutu formalaşsa yaxşı olardı.
Sizdə olan sənəddə, yəni 5.0.6-cı maddədə belə bir məqam var: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlər”. Məsələ ondadır ki, bu gün milli cəmiyyət beynəlxalq əməkdaşlığa malikdir və o, Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasından, Beynəlxalq Qızıl Xaç Komitəsindən, həmçinin digər beynəlxalq təşkilatlardan yardım ala bilər. Əgər qanun layihəsində bu məqamlar əksini tapmayıbsa, deməli, onların həmin beynəlxalq təşkilatlardan yardım almaq imkanı məhdudlaşır. Düzdür, bu məqamlar sənəddə öz əksini tapmayıb. Ancaq mən millət vəkillərindən xahiş edərdim ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan humanitar yardımın qəbul edilməsi ilə bağlı maddənin bura salınmasına səs versinlər. Çünki biz humanitar yardımın hara ünvanlanacağını çox gözəl bilirik.
Cəmiyyətin beynəlxalq əməkdaşlığı haqqında danışarkən qeyd etməliyik ki, o, yarandığı gündən beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb, 1995-ci il noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınıb, 1995-ci il noyabrın 26-da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvü seçilib. 2001-ci ilin dekabrında cəmiyyətin prezidenti Novruz Aslan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının Fövqəladə hallara hazırlıq və yardım komissiyasına ekspert təyin olunub.
2005-ci il mayın 2-də cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatina layiq görülüb. 2005-ci ildə Seulda keçirilən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Baş Məclisində cəmiyyət Beynəlxalq Federasiyanın İdarəetmə Şurasının Təşkilatı İnkişaf Komissiyasının üzvü seçilmişdir. Bunları səsləndirməkdə məqsədim odur ki, bu gün dünyada mövcud olan 185 milli cəmiyyət içərisində öz yeri olan bir cəmiyyətimiz var. Hesab edirəm ki, bu qanun layihəsi qəbul edildikdən sonra beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün şərait yaranacaq. Saydığım bu müddəalar, məqamlar beynəlxalq etirafın ifadəsidir.
Maddə 7 “Cəmiyyətin fəaliyyətinin dövlət orqanları tərəfindən dəstəklənməsi” adlanır. Bu gün cəmiyyətin 7 regional mərkəzi, 85 yerli komitəsi var. Bu gün Azərbaycanda fəaliyyət göstərən heç bir qeyri-hökumət təşkilatının bu qədər üzvü və könüllüsü yoxdur. İnsansevərlik, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət və universallıq kimi prinsipləri öz fəaliyyətində rəhbər tutan bu qurum Azərbaycanın ictimai həyatında əhəmiyyətli rola malikdir. Bu gün bu quruma dövlət yardımının olmasının böyük əhəmiyyəti var.
Bir cəhəti də deyim. Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına üzvlük haqqı ödəyir. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi var. Cəmiyyətin baş qərargahında, regional mərkəzlərində, ərazi komitələrində çalışan könüllü insanlara əmək haqqı verilməlidir. İldə 1 manat üzvlük haqqı ilə bunu yerinə yetirmək, həmçinin qarşıya qoyulan məqsədi həyata keçirmək olmaz. Ona görə də bu işçilərin əmək haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə ehtiyac var. Bu məqsəd üçün vəsaitin məbləği hər il Azərbaycan Respublikasının dövlət büdcəsindən müəyyən edilməlidir.
Digər bir cəhət. Doğrudan da, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi üçün müəyyən qeyri-yaşayış sahəsinin verilməsi problemi movcuddur. Hətta bizim Qeyri-hökumət təşkilatları forumunun da yeri yoxdur. Bu o deməkdir ki, bunların fəaliyyət göstərməsi çox çətindir. Hesab edirəm ki, qeyri-hökumət təşkilatlarına xüsusi münasibət bəslənilməlidir. Bəlkə biz bu gözəl ənənəni bu gündən başlayaq. Bu cəmiyyətə fəaliyyət göstərmək üçün qeyri-yaşayış sahəsinin verilməsinə böyük ehtiyac var. Bu məqamlar qanun layihəsində əksini tapdıqdan sonra digərlərinin də üzünə qapılar açılacaq.
Bu gün cəmiyyətin fəaliyyəti üçün vergi və gömrük rüsumları ilə, habelə digər məcburi ödənişlərlə bağlı güzəştləri də bura şamil etməliyik. Bu cəmiyyətin məqsədi ülvi məqsəddir. Bu məqsədin gerçəkləşməsi üçün mən öz həmkarlarımı ikinci oxunuşda bu qanun layihəsinin qəbul edilməsinə səs verməyə çağırıram. İnanıram ki, bu belə də olacaq. Bu, ikinci oxunuşdur. Yəqin ki, sizin deməyə sözünüz, tövsiyələriniz olacaq.
May ayının 8-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bayramıdır. Biz bunu ikinci oxunuşdan keçirdikdən sonra həmin gün qəbul etsək, beynəlxalq ictimaiyyətə çatdıracağıq ki, Azərbaycan Respublikasının Milli Məclisi yüksək prinsiplərə sadiqliyini, sədaqətini nümayiş etdirir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Minnətdaram. Bu layihə bizim komissiyada müzakirə olunub. Mən məlumat vermək istəyirəm ki, bu qurum Azərbaycanın münaqişəyə sürükləndiyi dövrdən çox əvvəl tarixi olan bir qurumdur. Amma münaqişə baş verən dövrlərdə o çox böyük fəaliyyət göstərib. Bu gün də böyük beynəlxalq nüfuzu olan bir qurumdur. Bu qurum haqqında xüsusi bir qanunun qəbul edilməsi ideyası çoxdan var idi. Bu ideya bir neçə dəfə ortaya çıxmışdı. Komissiyamızda 5 il öncə müzakirə olunmuşdu.
Biz möhtərəm Prezidentimizə minnətdarıq ki, nəhayət, onun imzası ilə bu layihə parlamentə daxil olub. Bizim komissiyada da bu layihə geniş müzakirə olunub, çoxlu məsələlər öz əksini tapıb. Burada 2 məqama xüsusi diqqət yetirmək istəyirəm. Birinci məqam ondan ibarətdir ki, ən vacib şərtlərdən biri cəmiyyətin maliyyə mənbələrinin formalaşmasıdır, müəyyənləşməsidir. Bu gün burada dedilər ki, üzvlük haqqı o qədər azdır ki, hətta əmək haqqı verməyə belə çatmır. Burada büdcənin köməyindən, əmək haqqının ödənilməsindən söhbət etdik.
Bu gün Milli Məclis Aparatının müvafiq şöbəsi ilə Sosial sifarişlər haqqında qanun layihəsi hazırlayırıq. Siz bilirsiniz ki, uzun müddətdir, qeyri-hökumət təşkilatlarına qrantların verilməsi ilə bağlı çoxlu söz-söhbətlər gəzir, beynəlxalq təşkilatlar qrant verirlər. Ona görə biz belə bir qanun layihəsi hazırlamışıq ki, büdcənin vəsaitlərindən də bu və ya digər formada qeyri-hökumət təşkilatları üçün istifadə etmək imkanları artsın.
Biz 5.0.6-cı maddəyə diqqət yetirək. Burada yazılıb: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlər”. Əslində, bizim “Qeyri-hökumət təşkilatları haqqında” Qanunda bu qurumların biznes fəaliyyəti ilə məşğul olmasına imkan vermişik. Yalnız gəlirlərdən bu məqsədlər üçün istifadə edilməsi şərti ilə. 5-ci maddədə və ya hansısa başqa maddədə ehtiva edə bilərik ki, Qızıl Ayparanın maliyyə imkanları bir az da artsın. Əslində, bu məqam “Qeyri-hökumət təşkilatları haqqında” Qanunda artıq mövcuddur.
Digər məsələ. Bu gün Rəbiyyət xanım da söylədi. Mayın 8-də Qızıl Ayparanın yubileyidir. Ona görə də xahiş edərdim ki, üçüncü oxunuş üçün bu layihə mayın 8-də keçiriləcək iclasın gündəliyinə salınsın. Biz də çalışacağıq ki, burada söylənən fikirlər qanun layihəsində əksini tapsın. Mayın 8-də üçüncü oxunuşda bu qanunu qəbul edək, necə deyərlər, həmin təşkilata hədiyyə edək. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Biz komissiyaların birgə iclasında bu qanun layihəsini müzakirə etmişik. Müzakirələr zamanı həm redaktə xarakterli, həm də mahiyyət baxımından çox vacib düzəlişlər olundu. Qanunun adı ilə bağlı artıq burada fikir söyləndi. Hesab edirəm ki, qanun layihəsi ikinci oxunuşa hazırdır və qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 3 komissiya sədri çıxış etdi. Bu, qanun layihəsinin ikinci oxunuşudur. Ona görə də onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun. Əsas kimi qəbul edildi. Qanun layihəsinin müzakirəsinə keçirik. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsinin qəbul edilməsi çox diqqətəlayiq bir haldır. Ona görə ki, biz bu layihəni bir dəfə də müzakirə etmişdik. Amma öz həllini tapmamışdır. Ancaq indi çox mükəmməl şəkildə işlənib və belə bir qanun layihəsinin qəbul edilməsi vacibdir.
Burada bir məsələ sual doğurur. Bu, cəmiyyətin maliyyə mənbələri ilə bağlıdır. Burada məlum oldu ki, üzvlük haqqı cüzi şəkildədir. Ona görə də bunun maliyyələşməsi nisbətən aşağıdır. Təbii ki, dövlət yardım göstərir, ianələr toplanır. Beləliklə, Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərə bilir. Ancaq burada 5.0.2-ci maddədə belə bir bənd var: “Əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə edilən gəlir”. Bu hansı əmlakdır ki, onu icarəyə vermək mümkün olsun? Bəlkə də mümkündür. Cəmiyyətə verilən əmlakın müəyyən hissəsini icarəyə verib ondan müəyyən mənfəət götürülə bilər. Bunun hansı əmlakı var? Ona görə də “satılma” sözü burada yerinə düşməyib. Bu artıq ifadədir. Sualım bu idi. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Rəbiyyət xanım, suallarım nədən ibarətdir? Birincisi, burada yazılıb: “Bu Qanun Azərbaycan Qızıl Aypara Cəmiyyətinin statusunu, hüquqlarını və fəaliyyət istiqamətlərini, cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir”. Dövlət orqanları yerli də ola bilər, mərkəzi də ola bilər. Bunu başa düşdük. Niyə yerli özünüidarə orqanlarını məhdudlaşdırırsınız? Yerli olmayan özünüidarə orqanı ilə cəmiyyət münasibət qura bilməz? Onlardan yardım ala bilməz? “Yerli” sözünü çıxarsanız, nə olar?
Bundan başqa, mətndən görünür ki, bu cəmiyyət beynəlxalq təşkilatlarla, qurumlarla, fondlarla münasibət quracaq. Burada niyə yazılmır ki, dövlət özünüidarə orqanları və ya müvafiq beynəlxalq təşkilatlar? Əgər bu qanun cəmiyyətin kimlərləsə münasibətinin əsasını qurursa, onda gərək “yerli” sözü çıxarılsın, “müvafiq beynəlxalq təşkilatlar” sözləri əlavə edilsin.
İkinci sualım. 1.1-ci maddə də yazılıb: “cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə humanitar, tibbi, sosial və digər yardım göstərmək... məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır”. Əgər silahlı münaqişələr nəticəsində zərərçəkmiş şəxslər olarsa, onlara aid deyil. Yaxud fövqəladə halların qurbanlarına aid deyil. Birinci halda niyə “qurbanlarına” yazılıb, ikinci halda yalnız “zərərçəkmiş şəxslərə”? İkinci sual. Beynəlxalq humanitar hüququ izah edə bilsəniz, mən minnətdar olardım. “Humanitar” nə deməkdir? Mən bildiyimə görə “insan” deməkdir. Sağ olun.
Sədrlik edən. Rəbiyyət xanım, müzakirələri keçirək, suallara axırda cavab verərsiniz. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən hər şeydən öncə onu bildirim ki, həqiqətən, birinci oxunuşda qeyd olunan, qaldırılan əksər mühüm məsələlər ikinci oxunuşda öz əksini tapdı. Mən fürsətdən istifadə edib Rəbiyyət xanıma, bütövlükdə bu işdə əziyyəti keçən bütün komissiya üzvlərinə və digər komissiyaların rəhbərlərinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Qızıl Aypara Cəmiyyəti haqqında qanun layihəsi, həqiqətən, ölkəmiz və dövlətimiz üçün, bu şəbəkənin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, birinci oxunuşda təkliflə çıxış etdim ki, bu qanun layihəsinə cəmiyyətin maliyyə mənbəyi haqqında ayrıca maddə salınsın. Bu maddə əlavə olundu. Buna görə də qanunun müəlliflərinə təşəkkür edirəm.
Bu gün gəlir gətirməyən, humanitar sahədə fəaliyyət göstərən, imkansızların dadına yetən bir təşkilata mənbə, müəyyən resurs lazımdır ki, bu işləri görsün. Bir halda ki qanun qəbul edirik, bu təşkilata qanunvericilik statusu veririk, onda belə bir mənbənin olması çox təbiidir. Bununla yanaşı, mənə elə gəlir ki, bu maddənin bütövlükdə cilalanmasına və təkmilləşməsinə ehtiyac var. Məsələn, mən təklif edirəm ki, 5.0.3-də “kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların satışından” sonra “müxtəlif xidmət növlərindən əldə edilən gəlirlər” də əlavə olunsun. Bilirsiniz ki, hər hansı bir ictimai təşkilat, qeyri-hökumət təşkilatı müxtəlif növ xidmətlər göstərə bilər, gəlir gətirən fəaliyyətlə məşğul ola bilər və təbii ki, həmin gəliri Nizamnamənin tələblərinə uyğun xərcləyə bilər. Hesab edirəm ki, bu maddə öz yerini alsa, önəmli olardı.
Sonra, 5.0.5-ci maddədə “dövlət yardımı” sözü qeyd olunur. Mənə elə gəlir ki, “dövlət yardımı” o qədər də konkret deyil. Dövlət yardımı müxtəlif mənalarda başa düşülə bilər. Konkretləşdirməyə ehtiyac var. Təklif edirəm ki, həmin bənd aşağıdakı redaksiyada verilsin: “Dövlət tərəfindən ayrılmış qrantlar, subsidiyalar və verilmiş sifarişlər”. Bilirsiniz ki, bu gün dövlət büdcəsi tərəfindən ən müxtəlif istiqamətdə qrantlar ayrıla bilər, sifarişlər verilə bilər, subsidiyalar ayrıla bilər. Hesab edirəm ki, bu məqamlar maliyyə mənbəyi çərçivəsində əksini tapmalıdır.
5.0.6-dan əvvəl əlavə bir bəndin salınmasını təklif edərdim. Təklif edərdim ki, biz bu maliyyə mənbələri sırasında xarici donor təşkilatların, xarici fiziki və hüquqi şəxslərin, o cümlədən beynəlxalq təşkilatların da adlarını qeyd edək, onları da maliyyə mənbəyi kimi göstərək. Bu gün təəssüflər olsun ki, qeyri-hökumət təşkilatlarının yeganə maliyyə mənbəyi xaricdən daxil olan qrantlardır. Bu qrantları da müxtəlif layihə və proqramlara istiqamətləndiririk. Bu baxımdan da məhz yerinə düşən müddəa olardı. Əlavə etsək, yaxşı olardı.
Bütövlükdə layihənin səsə qoyulmasına və qəbul olunmasına tərəfdaram. Hesab edirəm ki, mükəmməl layihə halına salınıb.
Fürsətdən istifadə edib bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Bu da hörmətli Rəbiyyət xanımın bu gün qeyd etdiyi kimi, qeyri-hökumət təşkilatlarının maddi-texniki bazası ilə bağlı olan məsələdir. Xüsusi ilə mənim rəhbərlik etdiyim Milli Qeyri-hökumət Təşkilatları Forumunun ofis məsələsi ilə bağlı olan məsələdir. Açığı, bir ilə yaxındır ki, bu problemlə üz-üzə qalmışam. Millət vəkili statusundan istifadə edib bu məsələni Milli Məclis səviyyəsində qaldırmışam. Bir halda ki Rəbiyyət xanım bu problemi qaldırdı, istəyirəm, buna bir balaca mən də münasibət bildirim.
Həqiqətən, Milli QHT forumu bu gün 425 müstəqil qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən yeganə təşkilatdır. Azərbaycanda və Cənubi Qafqazda ən böyük konfederativ qurumdur. Bu qurum, əsasən, dövlətçiliyi dəstəkləyən, dövlətə, millətə daim öz imkanları və gücləri daxilində xidmət edən təşkilatlardan ibarətdir. Lakin keçən ilin sentyabrından Salatın Əsgərova, 87 ünvanda icarəyə götürdüyümüz ofis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. Lakin bunun müqabilində Mili QHT Forumu hər hansı bir ofislə təmin olunmayıb. Təsəvvür edin ki, bu gün belə bir təşkilatın inventarları dəhlizlərdə yerləşdirilib. Bizim fəaliyyətimiz iflic vəziyyətə salınıb. İstərdim ki, bu məsələyə diqqət ayrılsın.
Dəfələrlə Dövlət Əmlak Komitəsinə müraciət etməyimizə baxmayaraq, təəssüflər olsun ki, bu məsələ indiyə qədər öz həllini tapmayıb. Hesab edirəm ki, bu gün cənab Prezidentin dəfələrlə ifadə etdiyi kimi, vətəndaş cəmiyyətinin quruculuq istiqamətində gördüyü bütün işlərin fonunda QHT-nin əsas aparıcı sektoru olan bir quruma belə münasibət arzuolunan deyildir. Ona görə də fürsətdən istifadə edib bu məsələni bir daha vurğuladım. Düşünürəm ki, müasir qurumlar bu barədə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Hörmətli Sədr, hörmətli həmkarlarım! Bütün fəaliyyəti humanizmə söykənən Qızıl Aypara Cəmiyyəti haqqında ayrıca bir qanun qəbul olunmasını mən əlamətdar hadisə hesab edirəm və bu münasibətlə başda hörmətli həmkarımız Novruz müəllim olmaqla Azərbaycanın bütün “qırmızı ayparaçıları”nı təbrik edirəm. Bu qanun layihəsini dəstəkləyirəm, bunun qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da bu cür addım atmağa dəvət edirəm.
Mənim hüquqi xarakterli bir təklifim var. Qanun layihəsinin 4-cü maddəsində cəmiyyətin hüquqları sadalanır. Bu hüquqların böyük bir hissəsi birbaşa, ya da dolayısı ilə mülkiyyət hüququ ilə bağlıdır. Lakin cəmiyyətin mülkiyyət hüququna aid müddəa bu layihədə yoxdur. Düzdür, Qızıl Aypara Cəmiyyəti qeyri-hökumət təşkilatı kimi, qeyri-hökumət təşkilatının malik olduğu bütün hüquqlara malikdir. Lakin biz nəzərə alsaq ki, Qızıl Aypara Cəmiyyəti həm də hüquqi şəxsdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyət hüququna malik olması onun ayrılmaz hüququdur, hüquqi şəxsi səciyyələndirən ən mühüm əlamətdir.
Bu baxımdan nəzərə alsaq ki, bu, baza qanunudur və onun əsasında Qızıl Aypara Cəmiyyətinin yeni Nizamnaməsi qəbul olunacaq, mən təklif edərdim ki, bu cəmiyyətin mülkiyyət hüququna malik olması ayrıca müddəa kimi 4-cü maddədə əksini tapsın. Məsələn, belə bir müddəa yazmaq olar: “Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan əmlaka sahib ola bilər.” Mən hesab edirəm ki, belə bir hüququn qanun layihəsində təsbit olunması qəbul edəcəyimiz bu qanuna əlavə dolğunluq, mükəmməllik gətirər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Məlumdur ki, Qızıl Aypara Cəmiyyətinin statusu, hüquqları və fəaliyyətinin istiqamətləri, onun dövlət, yerli və özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi günümüzün reallığıdır. Ölkəmizdə uzun müddət fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin işinin beynəlxalq səviyyədə qurulmasını təmin edəcəkdir.
Qanun layihəsi lakonik formada tərtib edilməklə qanun yaradıcılığı baxımından bütün məsələləri tam əhatə edir. “Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri” adlanan 3-cü maddə çox əhatəli olmaqla, cəmiyyətin gələcəkdə öz işini xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri səviyyəsində qurmağa imkan verir. Bu məqsədlə cəmiyyətin işinin genişləndirilməsi, silahlı münaqişələr və fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə müvafiq tibbi və sosial yardımlar edilməsi nəzərdə tutulur. Cəmiyyətə dövlət yardımı və işçilərin əmək haqqının dövlət büdcəsindən ödənilməsi də əhəmiyyətlidir.
Hesab edirəm ki, cəmiyyətin öz maliyyə resurslarının formalaşdırılması vacibdir. Heç kimə sirr deyil ki, maliyyə mənbəyi olmadan qeyri-hökumət təşkilatları qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir və beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Ona görə də layihədə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin dövlət yardımının və büdcə vəsaitinin ayrılmasının əks olunması təqdirəlayiqdir. Fikrimcə, bu məqam cəmiyyətin yaxın illərdə xarici ölkələrin Qızıl Aypara cəmiyyətləri arasında layiqli yer tutacağına zəmanət verir.
Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini əks edən layihə məhz bu məqsədlərə nail olmasına yönəlmişdir. Göstərilənləri nəzərə alaraq, mən qanun layihəsinin ikinci oxunuşda qəbul olunmasına tərəfdaram və deputat həmkarlarımı da qanun layihəsinin lehinə səs verməyə çağırıram. Bununla yanaşı, qanun layihəsinin üçüncü oxunuşa hazırlanmasını nəzərə alaraq aşağıdakılara diqqət yetirmənizi xahiş edirəm.
Qanun layihəsinin 1.3-cü maddəsində göstərilir: “Cəmiyyət “Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada Qızıl Aypara emblemindən istifadə edir”. Lakin həmin Qanunun 4-cü maddəsində “qızıl” yox, qırmızı aypara emblemlərinin rəngli təsviri göstərilir. Ona görə də bu məsələyə aydınlıq gətirilməsini xahiş edərdim.
Layihənin 3.0.2-ci maddəsində “şəxsləri” sözündən sonra “müəyyənləşdirilməsi”, 3.0.11-ci maddəsində “bağlı” sözündən sonra “beynəlxalq və yerli” sözlərinin, 3.0.9-cu maddəsində “iştirak” sözünün əvəzinə “təmsil etmə” sözlərinin yazılmasını təklif edərdim. Layihənin 3.1.13-cü və 4.2.4-cü maddələrində “dövlət” sözündən sonra “bələdiyyələr” və “yerli özünüidarəetmə” sözlərinin əlavə edilməsini xahiş edirəm. Bu həm də layihənin giriş hissəsinə uyğundur.
5-ci maddəyə aşağıdakı məzmunda yeni bənd əlavə edilməsi məqsədəuyğundur: “Xarici ölkələrin Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin və beynəlxalq təşkilatların yardımı”. Çünki layihənin digər maddələrində belə bir yardım nəzərdə tutulur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımı qanun layihəsinin qəbul olunmasına səs verməyə çağırıram. Qanun layihəsi hərtərəfli şəkildə hazırlanıb. Deputat həmkarlarımın dediyi fikirləri nəzərə alaraq, qanun layihəsini elə üçüncü oxunuşda qəbul eləyə bilərik. Bununla da qanun layihəsi öz işinə başlaya bilər. Layihə humanist sahəni əhatə edir. Hesab edirəm ki, humanist sahəyə həsr olunan bu layihə öz humanist addımlarını atmaq üçün vacib qanuni bazadır. Bunu qəbul etməklə biz bu məsələni birdəfəlik həll etmiş olarıq.
Digər tərəfdən deputat həmkarlarımın qeyd elədiyi kimi, qanunun adı, onun anlayışı ilə bağlı verilən ifadələr yerində olmalıdır. Çünki keçmişdə bu cür mübahisələr var idi. Doğru olaraq, “Qızıl Aypara” termininin seçilməsi yerinə düşüb. Beynəlxalq aləmdə də bu işlərin aparılması, qarşılıqlı əməkdaşlıqların formalaşması çox vacib məsələdir. Burada qeyd olundu ki, yerli özünüidarəetmə orqanları bu işə cəlb olunmalıdır. Çünki bizdə bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi formalaşıb və qanunda da öz ifadəsini tapıb.
İkinci bir məsələni hörmətli Valeh müəllim qaldırdı. Mən də bir hüquqşünas kimi qeyd edim ki, humanitar sahə beynəlxalq hüququn ən aparıcı sahəsidir. Dünyada “humanitar hüquq” termini, terminologiyası və sistemi mövcuddur və fəaliyyət göstərir. Ona görə də qanun layihəsində bunun yazılması humanitar hüquqa istinad olunan məsələdir.
Digər məsələyə də münasibətimi bildirmək istəyirəm. 3.9-cu və 3.10-cu maddələrə əlavələr edilsə, yerinə düşərdi. Burada xarici vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanılması məsələsinə toxunulur. Hesab edirəm ki, bu anlayışı daha da təkmilləşdirə bilərik. Məncə, beynəlxalq təşkilatlar mövcuddur, təbii ki, onlar humanitar yardımlar göstərə bilərlər. Amma vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərdən yardım alınması məsələsinə aydınlıq gətirilməlidir.
3.0.10-da bir termin yerində işlənilməyib. Göstərilir: “Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqınların və məcburi köçkünlərin iztirablarını yüngülləşdirməyə yönələn hüquqi yardım, psixoloji reabilitasiya və sair”. “İztirab” nədir? İztirab müxtəlif formada müxtəlif cür olur. Mənə elə gəlir ki, həmin termini oradan çıxararaq göstərə bilərik ki, qaçqın və məcburi köçkünlərə hüquqi yardım, psixoloji yardım, mənəvi yardım, peşə vərdişlərinin aşılanması və digər proqramları həyata keçirmək. Yəni biri övladını itirib, bu cür iztirab çəkir; o biri torpağını itirib, bu cür iztirab çəkir. Bunun hamısını ümumiləşdirilmiş formada apara bilərik. Ona görə də bu məsələ nəzərə alınmalıdır.
3.0.7-ci maddədə silahlı münaqişələr və fövqəladə hallar zamanı gənclərin ilk tibbi yardım göstərməsi üzrə təlimin təşkilindən söhbət gedir. Addımın özü humanist bir addımdır, çox vacibdir. Hesab edirəm ki, bunun üçün geniş baza formalaşdırılmalıdır, mütəxəssislər olmalıdır. Hətta orta məktəblərdə keçmiş hərbi təlimlərin keçirilməsi ənənəsi var idi. Silahlar yığışdırılandan sonra, demək olar ki, hərbi təlimlərlə məşğul olunmur. Əsgəri xidmətə qədər orta məktəbdə hərbi təlimin keçirilməsi zəruri şərtlərdən biridir. Əgər bu maddə salınıbsa, çox humanist bir maddədir. Amma bunun bazasının yaradılması da vacib amillərdən biridir.
Təbii ki, heç bir təşkilat maddi dəstəyi olmadan fəaliyyət göstərə bilməz. Bu mənada cəmiyyətin maddi təminatı vacib məsələdir. Hesab edirəm ki, dövlət büdcəsindən yardımların artırılması ciddi məsələdir. Buna üstünlük verməliyik.
Bir məsələyə də diqqət yetirmək istəyirəm. 5.0.3-cü maddənin açıqlaması verilsə, yaxşı olar. Burada göstərilir: “kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların çapından əldə edilən gəlirlər.” “Kütləvi tədbirlər” anlayışı geniş anlayışdır. Ona görə də “mədəni tədbirlərin keçirilməsi” göstərsək, daha məqsədəuyğun olar. Çünki burada konsertlərin təşkili, müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur. Amma kütləvi tədbirlərin tərkibinə başqa şeylər də daxildir. Ona görə də anlayış dəqiq verilməlidir. Ümumilikdə bu qanun layihəsinin qəbul olunmasına tərəfdaram.
Cənab Sədr, bir məsələyə də toxunmaq istərdim. Təbii ki, Qızıl Aypara Cəmiyyətinin ofislə təmin olunması vacib amillərdən biridir. Bu da qanun layihəsində öz əksini tapıb.
Deputat həmkarım Azay müəllim də məsələ qaldırdı ki, Qeyri-hökumət Təşkilatlarının Forumu bina ilə təmin olunmayıb. Biz yeni bir cəmiyyətdə yaşayırıq. Yeni cəmiyyətdə yaşamağımıza baxmayaraq, sosialist psixologiyası hələ də bizim beynimizdən çıxmır. Cəmiyyətdə mülkiyyət münasibətləri dəyişib. Yəni cəmiyyətin mülkiyyət formaları var. Gündə kimsə bir təşkilat yaradacaq və dövlətə deyəcək ki, məni yerlə təmin elə? Cəmiyyətdə xüsusi sistem var. Bir vətəndaş evini kirayə verir, digər vətəndaş başqa yerdə ofis tutur. Beləcə, qarşılıqlı münasibətlər əsasında bu məsələni həll eləyirlər.
Kimsə qəzet açır. Dərhal qaçır ki, mənə mütləq yer verilməlidir. Dövlət heç bir qurum qarşısında öhdəlik götürməyib ki, onu bina ilə təmin eləsin. Bəzilərinin könlündən hətta avtomobil keçir. Mən hesab edirəm ki, yeni düşüncə tərzi, vətəndaş münasibətləri, mülkiyyət münasibətləri qarşılıqlı anlaşma səviyyəsində, qarşılıqlı müqavilə əsasında yaranmalıdır.
Mən Azay müəllimin təklifi ilə razıyam ki, ola bilsin, Qeyri-hökumət Təşkilatları Forumunun binası olsun. Amma digər tərəfdən əgər bu quruma daxil olan 400-dən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərirsə, biz onun fəaliyyətini geniş qiymətləndiririksə, onda hesab edirəm ki, onlar özünü binayla təmin eləyə bilərlər.
Xarici təşkilatlar, belə deyək, şübhəli təşkilatlar rayonlarda müxalifətdən olan deputatlar üçün ofislər tikir, mərkəzlər yaradır, görürsən ki, müxalifət partiyalarının sədrlərini gətirib mərkəzin rəhbəri kürsüsündə oturdurlar. Qoy bizim qeyri-hökumət təşkilatları da proqramlar işləsin, proqramlar təqdim eləsinlər və həmin proqramlar əsasında xüsusi vəsait alsınlar. Bu vəsait əsasında da hər binada icarəyə götürə bilərlər, fəaliyyət də göstərə bilərlər. Ona görə də hər dəfə bu mövzunun ortaya çıxmaması üçün ümumi mülkiyyət münasibətlərində, Qızıl Aypara Cəmiyyətini çıxmaq şərti ilə, yerdə qalan təşkilatlar sərbəstdirlər. Hər hansı bir müqaviləni bağlamaqda sərbəstdirlər. Hər hansı bir fəaliyyət göstərməkdə sərbəstdirlər. Ona görə də bu məsələ layihədə əksini tapsa, yaxşı olar. Bütövlükdə qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Fərrux Zeynalov.
F. Zeynalov. Hörmətli millət vəkilləri, müzakirə edilən qanun layihəsi tamamilə məqsədəuyğundur. Qanun qüvvəyə minəndən sonra Qızıl Aypara Cəmiyyətinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminlik yaranır. Mənim bəzi təkliflərim vardı. Onu hörmətli deputatlar dedi. Amma bir şeyi təklif eləmək istəyirəm.
3-cü maddənin 4-cü bəndində silahlı münaqişələr və fövqəladə hallar zamanı yaralanmış, xəstələnmiş və ya həlak olmuş şəxslərin sırasına itkin düşənləri də əlavə etmək lazımdır.
Siyavuş müəllimin qeyd elədiyi kimi, 3-cü maddənin 10-cu bəndində “Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınların və məcburi köçkünlərin iztirablarını yüngülləşdirməyə yönələn hüquqi yardım” ifadəsində “iztirablarını” sözünün “vəziyyətlərini” sözü ilə əvəz olunması yerinə düşərdi. Başqa iradlarımız yoxdur. Böyük məmnuniyyətlə biz də bu qanun layihəsinə səs verəcəyik. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Şübhə yoxdur ki, müzakirə etdiyimiz qanun layihəsi çox vacibdir. Eyni zamanda, həm Azərbaycan çapında, həm də beynəlxalq çapda çox mühüm bir məsələni nizamlayan layihədir. Öncə qeyd etmək istəyirəm ki, bu qanun layihəsinə səs verəcəyəm. Mən də digər həmkarlarım kimi bu qanun layihəsinə hər kəsin səs verməsini arzu edirəm.
Bir neçə məsələyə toxunmaq istərdim. Konkret olaraq, 3.0.13-də aztəminatlı ailələrlə bağlı bir bənd nəzərdə tutulmuşdur. Yəni layihədə verilmiş məqamlara mənim heç bir əlavə və dəyişiklik eləmək fikrim olmasa da, bir məsələni nəzərinizə çatdırmaq istərdim. Ümumiyyətlə, bu gün aztəminatlı ailələrlə bağlı elə bir dövlət proqramı yoxdur ki, orada bu məqam nəzərə alınmasın. Amma buna baxmayaraq, bir məsələ həmişə nəzərdən qaçır ki, aztəminatlı ailələrin problemləri ilə bağlı hər hansı bir koordinasiya yaradılmır. İqtisadi İnkişaf Nazirliyi, Təhsil, Səhiyyə və digər nazirliklər qarşısında bu problemlər qoyulur. Amma eyni problemin həllini 2-3 nazirlik həyata keçirir. Ona görə də hesab edirəm ki, aztəminatlı ailələrlə bağlı problemlərin həlli ilə müəyyən koordinasiya şurası məşğul olsun və bu layihədə əks olunsun.
Qeyri-yaşayış sahələri ilə bağlı. Biz qanundakı təşkilatın yerli regional orqanlarına qeyri-yaşayış sahələri verilməsini nəzərdə tuturuq. Bu məsələ barədə hörmətli həmkarım Siyavuş Novruzov fikirlərini söylədi. Amma mən Siyavuş müəllimin bir sıra fikirləri ilə razı deyiləm. Ümumiyyətlə, bilmək lazımdır ki, Qızıl Aypara və qeyri-hökumət təşkilatları ilə bağlı dünyada qəbul olunmuş ümumi bir format var. Bu gün biz müxtəlif ölkələrin xarici kəşfiyyat idarələrinin Azərbaycanda bir sıra qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsini istəmiriksə, Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa qulluq eləyən qeyri-hökumət təşkilatlarına dəstək verməliyik. Bu dəstəyi, konkret olaraq, Milli Məclis səviyyəsində etmək mümkündür. Məsələn, Rusiyada, Almaniyada, ümumiyyətlə, hakimiyyətdə olan partiya, konkret olaraq, Almaniyada Yaşıllar Partiyası, hakimiyyətdə olarkən bunun praktiki əhəmiyyətini görmüşdük. Almaniyada bunu gözlərimiz qarşısında baş verən hadisələrdə görürdük.
Konkret olaraq, hakimiyyətdə olan, çoxluq təşkil eləyən partiyanın ətrafında olan qeyri-hökumət təşkilatlarının proqramları və layihələri dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Bu çox normal, sivil, dünyəvi bir təcrübədir və biz bu təcrübədən istifadə eləməliyik. Əks halda kifayət qədər savadlı, kifayət qədər ağıllı insanlar məhz bu qrantların ucbatından hər hansı bir xarici kəşfiyyatın maliyyələşdirəcəyi layihənin toruna düşə bilər. Ona görə də hesab edirəm ki, Qızıl Aypara Cəmiyyətini yerli imkanlarımız hesablarına kifayət qədər gücləndirməliyik. Həm ofislərlə, həm də yeri gələrsə, müxtəlif vasitələrlə işini canlandırmağa çalışmalıyıq.
Bir məsələni də qeyd eləmək istəyirəm. Qeyri-hökumət Təşkilatlarının Forumunda 427 təşkilatımız var. Hər hansı bir Avropa dövlətində 427 təşkilat birləşərsə, bu çox böyük bir qüvvə sayılır. Əgər Azərbaycanda bu forumda 427 təşkilatı birləşdirə bilmişiksə, bu ondan xəbər verir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda çox böyük addım atılıb. Siz yaxşı bilirsiniz ki, bu gün Avropada əsas üstünlüklərdən biri vətəndaş cəmiyyətinin qurulmasıdır. Biz bu 427 təşkilatı birləşdirmişiksə, deməli, Azərbaycanda demokratiyanın inkişafı sahəsində mühüm bir addım atmışıq. Bu baxımdan güman edirəm ki, irəliyə getmək üçün yeni addımlar da atmalıyıq.
5.0.3-cü maddədə kütləvi tədbirlər qeyd olunur. Güman edirəm ki, biz artıq məntiqi olaraq bu məsələyə gəlib çıxırıq. Məsələn, 9 Mayla bağlı bir həftədən artıqdır ki, Rusiyada Qeorqiyevskiy lentlər paylanılır. Bu da kütləvi tədbirdir. Kütləvi tədbir heç də 10 min, 5 min, 3 min adamın bir yerə yığışıb hər hansı bir şüar deməsi deyil. Güman edirəm ki, Qızıl Aypara da bu cür kütləvi tədbirlər keçirə bilər. İanələrin yığılması üçün bu addımlardan istifadə olunması mümkündür. Şübhəsiz ki, ianələrin yığılması bizim üçün ən irəli atılmış addımlardan biri olardı.
Uşaqlar və gənclərlə bağlı bir fikri demək istəyirəm. Bu da 3.0.15-ci maddədə göstərilib. Ümumiyyətlə, biz bu gün bu məsələni bir qədər diqqətdən kənarda buraxmışıq. Siyavuş müəllim də qeyd elədi. Doğrudan da, bu çox aktual məsələdir. Xocalı faciəsini yaşayan insanlarla, o cümlədən qadınlarla və uşaqlarla söhbət eləyəndə görürsən ki, bu insanların, sadəcə, hər hansı bir coğrafi bilikləri olsaydı, “azimut” deyilən anlayışdan xəbəri olsaydı, onların bir çoxu meşədə özlərinə marşrut seçə bilər və xilas ola bilərdilər. O baxımdan hesab edirəm ki, təşkilatın bu imkanlarını nəzərə almaq lazımdır. Çünki dünyada ancaq bu cür təşkilatlar həmin işlərlə məşğul olurlar. Yaxşı olardı ki, biz orta məktəblərimizdə, hətta uşaq bağçalarının yuxarı qruplarında ilk yardım göstərilməsini və digər bilikləri öyrətmək üçün bu cəmiyyətin imkanlarından istifadə edək. Çünki yaşadığımız həyat sübut edir ki, biz heç bir zaman heç nədən sığortalanmamışıq. İstənilən fövqəladə hal baş verə bilər və istənilən fövqəladə halda hər hansı bir nazirliyin, hər hansı bir komitənin nümayəndələri gələnə qədər insanlar bir-birinə kömək eləməyi bacarmalıdırlar. Ona görə də çox xahiş edərdim ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə hər hansı bir layihənin və ya proqramın həyata keçirilməsinə nail olaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hesab edirəm ki, artıq biz qanun layihəsini 2-ci oxunuşda müzakirə elədik. İndi Novruzəli Aslanova söz verək. Həm Qızıl Aypara Cəmiyyətinin prezidinti, həm də bizim həmkarımız kimi sözünü desin. Sonra səsverməyə keçək. Buyurun.
N. Aslanov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat.
Hörmətli Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Doğrudan da, mənim üçün bu gün çox şərəfli gündür. Burada həm deputat kimi, həm də Aypara Cəmiyyətinin prezidenti kimi çıxış eləyirəm. Fürsətdən istifadə eləyib sizin hamınıza, bütün millət vəkillərinə verdiyiniz təkliflərə görə həm öz adımdan, həm də Aypara Cəmiyyətinin üzvləri adından təşəkkürümü bildirirəm. Doğrudan da, burada verilən təkliflər Aypara Cəmiyyətinin gələcəkdə inkişafı üçün lazım olan səmərəli təkliflərdir.
Hesab edirəm ki, 3-cü oxunuşa qədər texniki cəhətdən bu əlavələri qanun layihəsində əks etdirmək mümkün olacaqdır. Bütün bunları nəzərə alaraq, mən fürsətdən istifadə edərək, qeyd eləmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizim Aypara Cəmiyyətinin fəxri üzvüdür. Ona minnətdarlığımı, təşəkkürümü bildirirəm ki, bu qanun layihəsini Milli Məclisə təqdim edib.
Fürsətdən istifadə eləyib bir məqamı qeyd eləmək istəyirəm. Burada beynəlxalq humanitar hüquqların yaranması haqqında, tibb bacılarının və tibb qardaşlarının hazırlanması haqqında bir neçə məsələ qaldırıldı. Birinci növbədə bizim hərəkatın müvafiq missiyası var. Həmin missiyanı bizim beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç və Aypara Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, ümumiyyətlə, hərəkatın tərkib üzvləri olan milli cəmiyyətlər həyata keçirirlər.
“İztirablar” sözünə gəlincə, qeyd eləmək istəyirəm ki, məhz iztirab içində yaşayan insanlara milli cəmiyyətlər öz yardımını göstərməlidirlər. Fövqəladə hallar zamanı, o cümlədən müharibələr olan vaxtı, hələ 1941-45-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin minlərlə tibb bacısı və tibb qardaşı könüllü sürətdə əsgərlərə, yaralılara kömək etmişlər. Hətta onlardan bir neçəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının ən yüksək ordenləri ilə, Florens Nayingel medalı ilə təltif olunmuşlar.
Qeyd eləmək istəyirəm ki, bu proses bizdə uzun müddətdir gedir və Aypara Cəmiyyəti ilk yardım kursları təşkil edib. MDB məkanında Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeganə cəmiyyətdir ki, ilk yardım üzrə beynəlxalq Avropa sertifikatına malikdir. Yəni bizim hazırlıq kurslarını keçən hər bir insan başqa ölkədə müvafiq işlə təmin oluna bilər. Bu Avropa sertifikatına biz təxminən 2 il bundan qabaq nail olmuşuq. Bu da bizim Aypara Cəmiyyətinin böyük bir nailiyyətidir.
Beynəlxalq humanitar hüquqların yayılması ilə əlaqədar biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilə artıq uzun illərdir ki, əməkdaşlıq edirik. Məktəblərdə, təhsil ocaqlarında, müəssisələrdə beynəlxalq humanitar hüquqların yayılması ilə bağlı müvafiq bilgilər veririk, təlimlər və seminarlar keçiririk. Bu da çox vacibdir. Çünki bilirsiniz ki, bizim Azərbaycan dövləti Ermənistan tərəfindən işğala məruz qalıbdır. Hər bir insan, o cümlədən hər bir hərbçi, silahlı qüvvələrin nümayəndəsi əsir düşə bilər. Təbii ki, bu, qarşı tərəfdən də ola bilər. Əsir düşən hər kəs bilməlidir ki, onun hüquqları 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyalarına uyğun olaraq qorunur. Hər iki tərəf bu hüquqları tanımalıdır. Əsir düşən insanlara işgəncə verilməməlidir və onların hüquqları qorunmalıdır.
Mən bir daha Milli Məclisin rəhbərliyinə öz minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Burada təkliflər səsləndi. Bəli, mayın 8-i Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günüdür. Həmin gün bizim hərəkatımızın banisi Anri Dyunan anadan olubdur. Artıq uzun illərdir ki, həmin gün bütün beynəlxalq aləmdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günü kimi qeyd olunur.
Mayın 8-də Milli Məclisdə bizim iclasımızdır. Mən bilirəm ki, ola bilsin, texniki cəhətdən çətin olsun. Lakin bir təkliflə mən tamamilə razıyam. Artıq neçə illərdir ki, ayparaçılar peşə bayramlarını mayın 7-də qeyd edirlər. Çünki 8 may bizim hüzn günümüzdür, bizim Şuşamız işğal olunubdur. Məhz bu nöqteyi-nəzərdən hər il biz mayın 8-də keçirəcəyimiz tədbirləri mayın 7-də keçirdirik. Mən fürsətdən istifadə edib sizin hamınızdan xahiş edirəm ki, məhz mayın 8-də, yəni Beynəlxalq Qızıl Xaç və Aypara günündə bizim qanun layihəmiz üçüncü oxunuşda qəbul olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, səsvermədən əvvəl sizinlə məsləhətləşmək istəyirəm. Bizim bir məsələmiz qalıb. Əgər etiraz eləmirsinizsə, səsvermədən sonra tənəffüssüz həmin məsələyə də baxaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Çox sağ olun.
Bildiyiniz kimi, qanun layihəsinin ikinci oxunuşudur. O, 8 maddədən ibarətdir. Maddə-maddə səsə qoymalıyıq. Əgər etiraz yoxdursa, səsə qoyaq. Onda xahiş edirəm, 1-4-cü maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 110
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
5-8-ci maddələrə münasibətinizi bildirməyinizi xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Nəhayət, ikinci oxunuşda qanun layihəsini bütünlüklə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Gündəliyin növbəti məsələsi Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir (ikinci oxunuş). Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi İqtisadi siyasət daimi komissiyasının iclasında Maliyyə Nazirliyinin, Milli Bankın və Auditorlar Palatasının nümayəndələrinin iştirakı ilə bir daha ətraflı müzakirə edilmişdir. Müzakirələrdə hörmətli millət vəkilləri Azər Əmiraslanov, Əli Məsimli, Vahid Əhmədov, Nazim Məmmədov, Xanhüseyn Kazımlı qanun layihəsinin ayrı-ayrı maddələri ilə bağlı dəyərli təkliflərini bildirmişlər. Həmin təkliflər Milli Məclisin komissiyası və İqtisadi qanunvericilik şöbəsində yaradılan işçi qrupu tərəfindən öyrənilmiş, layihənin bəzi maddələrinə əlavə və dəyişikliklər edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Müzakirələrdə səslənən təkliflər, əsasən, qanun layihəsinin adı, sığortalının və sığortaçının hüquq və vəzifələrinin dəqiqləşdirilməsi, sığorta məbləğinin, sığorta ödənişinin və sığorta haqqının müəyyən edilməsi, qanun layihəsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması ilə bağlı olmuşdur. Onlardan bəziləri üzərində dayanmaq istərdim.
Komissiya üzvləri və mütəxəssislər layihənin adından “hüquq” sözünün çıxarılmasını və onun “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” yazılmasını təklif etmişlər. 1.2-ci maddədə “auditin subyekti” anlayışında audit subyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ola bilməsi nəzərə alınaraq, müvafiq əlavə edilməsi təklif edilir. 1.4-cü maddədə, bötüvlükdə layihənin özündə sığortanın aparılması qaydası, sığorta şərtlərinin müəyyən edilməsi, həmçinin preambulada sığortanın aparılmasının məqsədi açıqlanmışdır. Bunu nəzərə alaraq, 1.4-cü maddənin layihədən çıxarılması təklif edilir.
5-ci maddənin yeni redaksiyada verilməsi aşağıdakılarla əlaqədardır. Layihədə auditorun mülki məsuliyyət növlərini əks etdirən hallar müəyyən olunmuşdur. Lakin həmin halların nəticəsinin nədən ibarət olduğunun müəyyənləşdirilməsi ilə əlaqədar maddənin adının yeni redaksiyada verilməsi və auditorun mülki məsuliyyətinin növlərinin dəqiqləşdirilməsi təklif edilir. Məsələn, audit aparılan zaman audit prinsiplərinə və standartlarına lazımi qaydada riayət edilməməsi sığorta hadisəsi kimi müəyyən olunur. Lakin auditorun belə hallara yol verməsinin audit subyekti üçün nə ilə nəticələndiyi maddədən görünmür. Bununla əlaqədar 5-ci maddənin “Sığorta hadisəsi” adlandırılması, həmçinin sığorta hadisələrinin dəqiq müəyyən edilməsi üçün redaksiyada verilməsi təklif edilir.
6-cı maddənin sığorta qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “Sığorta hadisəsi hesab edilməyən hallar” adlandırılması təklif edilir. 7-ci və 8-ci maddələrin, yəni sığortaçının və sığortalının hüquq və vəzifələrinin sığorta ilə bağlı qüvvədə olan qanunvericilik aktlarına uyğunlaşdırılması ilə bağlı yeni müddəaların əlavə edilməsi təklif edilir.
9-cu maddədə redaktə xarakterli dəyişikliklər edilir, həmçinin sığorta haqqının hissə-hissə ödənilməsinə hüquq yaradan 9.4-cü maddənin çıxarılması təklif olunur. Belə ki, həmin müddəa sığorta haqqının ikinci yarısının vaxtında ödənilməməsinə və bununla əlaqədar müqavilənin etibarsız sayılmasına şərait yaradır. Sığorta müqaviləsinə xitam verilməsi qaydasını və sığorta müqaviləsinin etibarsız sayılması hallarını müəyyən edən 9.8-ci maddənin qüvvədə olan “Sığorta haqqında” Qanunun 28-ci maddəsinin 2-ci bəndinin təkrarı olduğu üçün qanun layihəsindən çıxarılması təklif edilir.
10-cu maddə çox böyük maddədir və 12 bənddən ibarətdir. Burada sığorta məbləği sığorta ödənişi və sığorta haqqının müəyyən edilməsi əks olunur. Yəni sığorta məbləğinin artırılaraq auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün 5000 manat miqdarında müəyyənləşdirilməsi təklif edilir. Sığorta haqqının habelə baza sığorta tarifinin müəyyən olunmasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsi məqsədəmüvafiq hesab edilmədiyi üçün 10.3-cü, 10.4-cü və 10.10-cu maddələrin layihədən çıxarılması təklif edilir.
11-ci maddənin adında və mətnində redaktə xarakterli dəyişikliklər aparılması, “məbləğinin” sözünün “ödənişinin” sözü ilə əvəz olunması məqsədəuyğun sayılır. Belə ki, qeyri-həyat sığortası növləri üzrə sığortaçı sığorta hadisəsi nəticəsində vurulan zərərə görə sığorta məbləği deyil, sığorta ödənişi verir.
12-ci maddədə zərərin ödənilməsi ilə bağlı redaktə xarakterli dəyişikliklərin edilməsi, həmçinin 12.2-ci maddənin dəqiqləşdirilməsi təklif edilir. 13-cü maddədə redaktə xarakterli dəyişikliklər nəzərdə tutulur. Habelə auditin subyekti özünün qəsdən edilmiş hərəkətləri nəticəsində zərər çəkdikdə ona sığorta ödənişi verilməkdən imtina edilməsi əsas götürülür.
Qüvvədə olan sığorta qanunvericiliyində sığorta ehtiyatlarının yaradılması və sığorta risklərinin bölüşdürülməsi qaydasını müəyyən edən uyğun maddələrin mövcud olması ilə əlaqədar 15-ci və 16-cı maddələrin çıxarılması nəzərdə tutulur. Eyni zamanda, sözü gedən sığortada sığorta riskləri yüksək olmadığından, onların təkrar sığorta yolu ilə bölüşdürülməsinə də zərurət qalmır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Son olaraq nəzərinizə çatdırmaq istərdim ki, ikinci oxunuş üçün sizin müzakirənizə təqdim edilən Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi bütün maraqlı tərəflərin, o cümlədən Maliyyə Nazirliyinin, Milli Bankın, Hesablama Palatasının, Milli Məclis üzvlərinin və İqtisadi siyasət daimi komissiyasının üzvlərinin təkliflərinin əksəriyyətini özündə ehtiva edir. Bizim fikrimizcə, qanun layihəsi Milli Məclis tərəfindən dəstəklənə bilər.
Sizi əmin edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi iqtisadi inkişafımızın müasir mərhələsində auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılmasını, həmçinin auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin qarşılanması üçün münbit şəraitin yaradılmasını təmin edəcəkdir. Sizi səs verməyə dəvət edirəm. Eyni zamanda, təkliflərinizi gözləyirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, Nizamnaməyə görə, ikinci oxunuşa çıxarılan qanun layihəsi əsas kimi qəbul edilməlidir. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Müzakirəyə başlayırıq. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən 3 məsələ ilə bağlı arzularımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu qanun layihəsinin preambulasında sığortanın növü mütləq göstərilməlidir. Yəni məcburi sığortadır, yoxsa könüllü sığortadır. Bundan asılı olaraq, onun mahiyyətində bir çox məsələlərə aydınlıq gətirilə bilər. Hesab edirəm ki, daha çox könüllü sığortaya aiddir.
İkincisi, qanun layihəsinin 2-ci maddəsinin ikinci hissəsi Konstitusiyamızın 15.1-ci maddəsinin ikinci hissəsindən köçürülübdür. Yəni bu qanunla tərəfdar çıxdığımız beynəlxalq müqavilə arasında ziddiyyət olarsa, onda beynəlxalq müqavilə tətbiq olunur. Bu, Konstitusiyanın müddəasıdır, birbaşa qüvvəsi var. Bu qanun layihəsinə onun salınması yolverilməzdir.
Üçüncüsü, 89-ci maddənin ikinci hissəsində sığortaçı ilə sığorta müqaviləsi bağlamaq sığortalananın hüquq və vəzifəsi kimi göstərilir. Bu onun vəzifəsi deyil, hüququdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında qanun layihəsini mən Azərbaycan iqtisadiyyatı üçün gərəkli bir layihə hesab edirəm. Bu qanunun qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da onun lehinə səs verməyə dəvət edirəm.
Qanun layihəsi ilə bağlı mənim iki təklifim var. Birinci təklifim 11-ci maddə ilə bağlıdır. Bu maddədə “ağlabatan müddət” ifadəsi işlədilir. Qanunda belə sözün işlədilməsi düzgün deyil. Bu, mücərrəd bir anlayışdır.
Sədrlik edən. Çox sağ olun. Rafael müəllim, o neçənci bənddədir?
R. Cəbrayılov. 11.1-ci maddədədir. Aşağıdan yuxarı ikinci sətir. Qanun nə qədər mücərrədçilikdən uzaq olsa, bir o qədər yaxşıdır. Təklif edirəm ki, “ağlabatan müddət” ifadəsi “tərəflərin razılaşdığı müddət” ifadəsi ilə əvəz olunsun.
İkinci təklifim isə layihənin 17-ci maddəsi ilə bağlıdır. Orada yazılır: “Auditin subyektinə vurulmuş zərərin ödənilməsi ilə bağlı tələblər üzrə iddia müddəti sığorta hadisəsinin baş verdiyi tarixdən sığorta məbləği tam ödənilənədəkdir”. “Tam ödənilənə qədər” ifadəsi bir az mücərrəd ifadədir. Burada iddia müddətindən yox, mücərrəd bir zamandan söhbət gedir. Nəzərə alın ki, “zaman”la “müddət” ayrı-ayrı məfhumlardır. Əgər zaman sonsuz bir kateqoriyadırsa, müddət hüdudları müəyyən olunan bir zaman kəsiyidir.
Digər tərəfdən iddia müddətinin anlayışı və onun növləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində çox dəqiq şərh olunub. Orada müddətin maksimum həddi də müəyyən olunub. Yəni hansı kateqoriyalı işləri hansı müddətə tətbiq etmək olar. Onların hamısı 373-cü maddədə var. Bu maddənin bu formada qalması Mülki Məcəllənin 373-cü maddəsinə uyğun deyil. Burada iddia müddəti sığorta məbləği alınan vaxta, tam ödənilənə qədərdir. Mən hesab edirəm ki, iddia müddətinin sığorta hadisəsi baş verdiyi vaxtdan hesablanması düzgün deyil.
Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ona görə də bəlkə sığorta hadisəsi baş verəndən sonra auditin subyekti öz tələblərini sığortalayan tərəfə bildirəcək və onu qəbul edəcək, yaxud qismən qəbul edəcək. Mən hesab edirəm ki, auditin subyektinin hüquqlarının pozulduğu vaxtdan iddia müddətinin axımı başlanmalıdır. Ona görə də mənim fikrimcə, layihənin 17-ci maddəsi Mülki Məcəllənin 373 və 377-ci maddələrinin tələblərinə uyğunlaşdırılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu çox ciddi iraddır. Hesab edirəm ki, Ziyad müəllim, bu məsələ ilə bağlı Rafael müəllim sizə yaxınlaşar, bir yerdə onun həllini taparsınız. Çıxış etmək istəyən var? Ziyad müəllim, buyurun, iradlara, fikirlərə münasibətinizi bildirin.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hörmətli həmkarım İlyas İsmayılova təşəkkür edirəm. Onun dediyi təkliflər nəzərə alınacaq. Bir çox ölkələrin təcrübəsində söhbət məcburi sığortadan gedir. Bu barədə müzakirə aparmaq olar. İstər İlyas müəllimin, istərsə də Rafael müəllimin təklifləri düzgündür. Biz onun nəzərə alınmasını mütləq təmin edəcəyik.
Sədrlik edən. Çox sağ olun. Nə kimi təkliflər var? Qanun layihəsi 20 maddədən ibarətdir. Biz 4 dəfə səsvermə edərik. Maddələri beş-beş səsə qoyaq. Etiraz yoxdur? Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
6-10-cu maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
11-15-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
16-20-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Bütövlükdə ikinci oxunuşda qanun layihəsinin qəbuluna münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. İclasımız başa çatdı.