22.05.2007 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  52


Mill Məclisin  iclas  salonu.

22  may  2007-c il.  Saat  12.


Mill Məclis  Sədrinin  birinc müavini
Z. Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

V. Novruzov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri.

* * *

B. Budaqov, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə.

5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə.

6. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi haqqında” 10 iyun 1997-ci il tarixli Sazişə Protokolun təsdiq edilməsi barədə.

7. “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.

8. Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Sazişinin (Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsinin) təsdiq edilməsi haqqında.

9. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.

10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.

11. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.

12. Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.

13. Azərbaycan Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında.

14. Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.

15. Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.

16. Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi haqqında.

17. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında.

18. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


İclasda qəbul edilmişdir:


1. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu.

2. “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu.

3. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu.

4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

6. “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi haqqında” 10 iyun 1997-ci il tarixli Sazişə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

7. “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

8. “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Sazişinin (Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsinin) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

9. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

11. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

12. “Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

13. “Azərbaycan Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

14. “Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

15. “Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

16. “Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

17. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

18. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).



Azərbaycan  Respublikası
Mill Məclis Sədrinin
birinci müavin Z. ƏSGƏROV



MİLLİ  MƏCLİSİN  İCLASI


22  may  2007-c il.  Saat  12.


Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir



Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Zəhmət olmasa, yerlərinizi tutun. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.


Qeydiyyat    (saat 12.03 dəq.)

İştirak edir    92

Yetərsay    83

Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr    (saat 12.04 dəq.)
Lehinə    82
Əleyhinə    1
Bitərəf    0
Səs verməd    0
İştirak edir    83
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Gündəliklə bağlı nə təklif var?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Aydındır. Birinci məsələ ilə bağlı...

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Mən müraciət elədim axı. Dedilər ki, birbaşa gündəliyə keçək. Yaxşı, bir halda ki təklif var, onda yazılın. Artıq yazılıblar. Mübariz Qurbanlı.

M. Qurbanlı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, bilirsiniz ki, gündəliyə əlavə söz deməklə əlaqədar burada dəfələrlə fikir söyləmişik. Yenə o fikirdəyəm ki, qanunvericilik təşəbbüsü olan hər bir deputat bu və ya digər məsələlərlə əlaqədar təklif irəli sürə, layihələr verə, müzakirələr aça bilər. Biz ənənə yaratmışıq, həftədə bir dəfə cari məsələlər adı altında gündəliyin müzakirəsi zamanı fikirlər söylənilir. Əslində, mənə elə gəlir ki, burada bəziləri, xüsusilə müxalifət deputatları mətbuat üçün işləmək istəyirlər, bəzi təkliflər verirlər və sair. Amma komissiyanın iclasına gələndə fəallıq göstərmirlər. Kimin sözü varsa, orada desin.

Burada dedi-qodu xarakterli mənzərə yaranır. Gəlin buna son qoyaq, bu məsələni birdəfəlik həll edək. Qanun ətrafında müzakirə aparaq, qanunlarla əlaqədar fikir söyləyək. Yoxsa biri deyəcək ki, küçədə gedəndə filankəs mənə bunu dedi, o biri deyəcək ki, filan yerdə filan oldu. Bunların hamısı mediada adlarının hallanması üçündür. Mənə elə gəlir ki, parlament bu barədə düşünməlidir. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Fazil Mustafayev.

F. Mustafayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən Mübariz müəllimin fikri ilə razıyam, həqiqətən də, bizim fikirlərimiz mətbuata yönəlir. Çünki millət vəkillərinin öz fikirlərini təbliğ etmək hüququ var və cəmiyyətdə öz mövqelərini bildirmək üçün onların tribunadan istifadə etmələri, məncə, qəbahət sayılmamalıdır. Yəqin ki, hörmətli Mübariz müəllim bunu nəzərdə tutmayıb.

Ziyafət müəllim, Sizin burada açıqlamanız olmuşdu ki, “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxılmalıdır. Mən hesab edirəm ki, bunu gecikdirməməliyik, çünki bu, artıq bir çox partiyaların gözlədiyi prosesdir. “Siyasi partiyalar haqqında” Qanunla bağlı bir sıra layihələr də qəbul olunub. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də o layihələrə heç bir münasibət bildirilməyib. Biz demirik ki, bizim verdiyimiz layihə ən üstün, ən yaxşı layihədir. Amma diqqət baxımından hesab edirəm ki, millət vəkillərinin təqdim elədiyi hər hansı bir sənədə bu və ya digər formada münasibət bildirilsə, yaxşı olardı. Bu həm də millət vəkilinin nüfuzu, ümumiyyətlə, problemlərin həlli üçün yaxşı olardı.

Toxunmaq istədiyim digər vacib məsələ son günlərdə Azərbaycanda baş verən tendensiya ilə, jurnalistlərin kütləvi həbs olunması ilə bağlıdır. Azərbaycanda hər kəs beynəlxalq təşkilatların Azərbaycan qarşısında qaldırdıqları problemləri çox yaxşı bilir və Azərbaycanla bağlı bütün məsələlər də həmişə Ermənistanla müqayisədə götürülür. Ermənistanda keçirilən son seçkilərdə də Avropa təşkilatları elə bir mövqe tutdular ki, gələcəkdə Ermənistana qarşı hər hansı bir irad bildirmə imkanları kifayət qədər məhdudlaşdı. Digər tərəfdən də bu, Azərbaycan tərəfinin arqumentlərini xeyli azaltdı. Mən seçkilərin demokratik keçirilməsi ilə bağlı verilən rəyə işarə edirəm. Bunun müqabilində Azərbaycan özü üçün xeyli minuslar toplayır.

Mən başa düşürəm, populyar, tanınmış bir jurnalist müəyyən bir yazıya görə tutula bilər. Artıq ənənə o qədər dərinləşir ki, ümumiyyətlə, imzası tanınmayan, bir məqaləsi də heç kim tərəfindən oxunmayan jurnalisti də iki-üç il həbsə atırlar. Bu kimə fayda gətirəcək? Bunun dövlətin imici üçün bir faydası olacaqmı? Ümumiyyətlə, indiki informasiya çağında bu problemi hər hansı informasiya şəklində həll etmək mümkün olsa, hamı bunu edər. Ona görə mən istər müxalifət qəzetlərinin jurnalistlərinin həbsini, istərsə də digər jurnalistlərin məhkəmə yolu ilə sıxışdırılmasını, onların fəaliyyətinə məhdudiyyət qoyulmasını ölkənin imici üçün doğru hesab etmirəm. Bu istiqamətdə də hər halda müəyyən tədbirlər görülməsi vacibdir ki, gələcəkdə Avropa təşkilatlarının qarşısında arqumentsiz, pis vəziyyətdə qalmayaq. Sağ olun.

Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.

G. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Mən bir məsələyə toxunmaq istərdim. Hörmətli deputatlar, biz 20 ilə yaxındır ki, Ermənistanın təcavüzkar hərəkəti ilə əlaqədar münaqişəyə qoşulmuşuq. Məsələ burasındadır ki, son illər ABŞ-ın Dövlət Departamenti və Rusiyanın bəzi dairələri Dağlıq Qarabağ haqqında düzgün məlumat vermirlər. Bu məsələlərlə əlaqədar da hər gün mətbuatda politoloqlar və deputat həmkarlarımız məlumat verirlər. Bəzən bunu elə şəxslər edirlər ki, bu da müəyyən yanlışlıqlara səbəb olur.

15-20 ildir ki, hamımız görürük, Ermənistan saxta bir hərəkət edir, biz də bu hərəkətin arxasınca qaçırıq və bu hərəkətləri izləməyə, onlara cavab verməyə başlayırıq. Görürsən ki, bəziləri vaxtında olur, bəziləri gecikir. Ona görə hesab edirəm ki, parlamentdə Dağlıq Qarabağla əlaqədar komissiya yaradılmalıdır. Bu söhbət bir dəfə də burada qalxmışdı. Hesab edirəm ki, Dağlıq Qarabağla əlaqədar komissiya yaransa, bu məsələlərə ciddi reaksiya verər. Bu gün Milli Məclisdə Dağlıq Qarabağdan olan 10-dək deputat var. Burada nə problem var ki? Biz payız sessiyasına qədər bu komissiyanı yaradaq və onlar bütün məsələlərə cavab versinlər. Komissiyanın sədri adi deputatdan 200-300 manat artıq maaş alır, əgər bu böyük problemdirsə, Bahar Muradova o komissiyaya rəhbərlik eləyə, həm də müavin kimi işləyə bilər. Vacib məsələdir ki, bizim parlamentdə Dağlıq Qarabağla əlaqədar bir komissiya yaradılsın və belə yanlışlıqlara, saxtakarlıqlara cavab verilsin. Xahiş edirəm, mənim təklifim nəzərə alınsın. Sağ olun.

Sədrlik edən.
Sağ olun. Pənah Hüseyn.

P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Sabirabadda həyəcanlı vəziyyət yaranıb. Kür və Araz çayları daşıb, rayonun 150 minlik əhalisi susuz qalıb. İnsanlar da, heyvanlar da susuzdur, kənd təsərrüfatı məhv olur. Mən şəhərlə əlaqə saxladım, məlum oldu ki, bu çətin vaxtda “Azərenerji” su idarəsinin işığını kəsib, şəhər çox çətin vəziyyətdədir. Tələb edirəm ki, belə ağır, fövqəladə vəziyyətdə bu məsələyə əncam çəkilsin. Ziyafət müəllim, Sizdən də xahiş edirəm ki, bu məsələyə kömək edəsiniz.

Ölkədə digər bir fövqəladə vəziyyət söz və mətbuat azadlığı ilə bağlıdır. Hörmətli deputatlar, heç bir normal, hüququn işlədiyi ölkədə istirahət günü gecə saat 12-də oğurluğa gələn kimi gəlib iki redaksiyanın qapısını bağlamazlar. Mən hörmətli dövlət başçısına müraciət edirəm ki, bu iqtidarın ən azı, sahibi varsa, bu məsələyə bir əncam çəkilsin. Belə şey olmaz. Əgər qanunidirsə, iş günü var, saat 8-də, 9-da gəlib iş görsünlər. Görünür, iş günündə Fövqəladə Hallar Nazirliyi xərac yığmaqla məşğuldur. Evlərdən, ofislərdən xərac yığılır, açıq-aşkar oğurluqla, talançılıqla məşğuldurlar. Ona görə mən çox istəyirəm ki, dövlət başçısı bu məsələyə müdaxilə eləsin və buna son qoyulsun. Əks təqdirdə bilmək olmur ki, Azərbaycanı kim idarə edir? Hesab edirəm ki, hər halda Azərbaycanda bu məsələyə əncam çəkən və bu idarəçiliyə son verən tapılacaq.

Son günlərdə icra hakimiyyəti orqanlarında bir adət yaranıb. Mətbuatda gedən heç bir məsələyə reaksiya vermirlər. Yaxşı, bu iqtidar, müxalifət qəzetlərini bir kənara qoyaq. Məsələn, “Zerkalo” qəzetində İran, İraq və Türkiyədən 65 min kürdün Azərbaycana köçürülməsi və burada yeni bir separatizmin yaradılması haqqında geniş məqalə dərc olunub. Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, emiqrasiya ilə məşğul olan orqanlar niyə buna reaksiya vermirlər? Ya bu, etnik qızışdırma kimi dəyərləndirilsin, yazılanlar doğru deyilsə, izahat verilsin, ya da Azərbaycanda yeni Qarabağ sindromunun yaradılmasının qarşısı alınsın. Mən ikincinin tərəfdarıyam və buna diqqət yetirilməsini tələb edirəm.

Gülhüseyn müəllimin Dağlıq Qarabağ məsələsi barədə dinləmə keçirilməsi təklifinə qoşuluram. Həqiqətən də, bu məsələ cəmiyyətdə və seçicilər arasında ciddi narahatlığa səbəb olub. Vaxt çatıb ki, payıza saxlamadan Qarabağ məsələsinin, torpaqların azad olunması məsələsinin Milli Məclisdə müzakirəsi həyata keçirilsin. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.

İ. Ağazadə
. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də söz və mətbuat azadlığının müdafiəsi və Azərbaycanda bu sahədə olan problemlərlə bağlı məsələyə münasibət bildirmək istəyirəm. İstərdim ki, Milli Məclis yaz sessiyasının sonuna qədər uzun müddətdir jurnalistlər və beynəlxalq təşkilatlar tərəfindən parlamentə təqdim olunan Diffamasiya haqqında qanunu qəbul etsin və Azərbaycanın Cinayət Məcəlləsindən böhtanla bağlı maddə çıxarılsın.

Bilirsiniz ki, son aylarda Azərbaycan jurnalistikası üzərinə istər məmur, istərsə də iş adamları tərəfindən mərkəzləşdirilmiş qaydada hücumlar var. Bütün bunların sonunda da məhkəmələr ayrı-ayrı jurnalistlərə şərəf və ləyaqətin tapdalanması adı altında çoxsaylı həbslər, cərimələr, şərti azadlıqdan məhrumolmalar və sairə tətbiq eləyib. Bu gün Azərbaycanda artıq 8 jurnalist həbsdədir. Bunlardan biri uzun müddət bundan əvvəl, qalan yeddisi isə son aylarda həbs olunub. Bu, nəticə etibarı ilə nəyə xidmət eləyir? Azərbaycanda ayrı-ayrı məmurların, iş adamlarının şərəf və ləyaqəti adı altında, əslində, azad söz boğulur. İndiyə qədər olan dönəmlərdə mən hələ bir müxalifət nümayəndəsinin məhkəməyə müraciət edərək iqtidaryönümlü bir qəzeti hətta cərimə etdirə bilməsinin şahidi olmamışam. Dəfələrlə də məhkəməyə müraciət olunub. Elə telekanallar olub ki, hətta geniş şəkildə təhqir eləyiblər. Nədən bu gün “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru və təsisçisi həbsə atılır? Bundan əvvəl Fərəməz Novruzoğlu, Mirzə Sakit həbsə atılıb. Əslində, bunlar Azərbaycanın beynəlxalq imicinə təsir edir və Azərbaycan üçün kifayət qədər problemlər yaradılır. Niyə bu problemlər yaradılır, burada məqsəd nədir? Mən hesab edirəm ki, bütün bunlar haqqında hakimiyyət ciddi düşünməlidir. Başlıcası isə Milli Məclisin İnsan hüquqları daimi komissiyası bu məsələlərlə bağlı araşdırma aparmalıdır.

İkinci, məndən əvvəl deputat həmkarım qeyd etdi, doğrudan da, aidiyyəti orqanlar Azərbaycanda separatizmi qızışdırmaq, yaxud da çirkli niyyətlərini gerçəkləşdirmək üçün ayrı-ayrı milli, etnik qarşıdurmalar yaradılması baxımından yayılan informasiyalara aydınlıq gətirməlidirlər. Azərbaycana başqa yerlərdən kütləvi köçün hansı məqsədlə gəldiyini aydınlaşdırmalıdırlar.

Sədrlik edən. Aydındır. Siyavuş Novruzov.

S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mənim Alternativ xidmət haqqında qanun layihəsi ilə bağlı təklifim var. Yəqin ki, bu qanunu payızda qəbul edərik, çünki buna zərurət var. İndi isə burada səslənən fikirlərə münasibətimi bildirmək istəyirəm. Gülhüseyn müəllim məsələ qaldırdı ki, Dağlıq Qarabağ məsələsi o ərazidən seçilmiş deputatların mövzusudur. Dağlıq Qarabağ problemi burada təmsil olunan və olunmayan bütün Azərbaycan vətəndaşlarının mövzusudur. Mən hesab edirəm ki, bu məsələ ilə Milli Məclisin hər bir üzvü məşğul olmalıdır. Bu, bütövlükdə Milli Məclisin, bütün komissiyaların işidir. Bunu bir komissiyanın çərçivəsinə salmaq, mənə elə gəlir ki, məsələnin miqyasının kiçilməsi deməkdir. Qəti şəkildə buna getmək olmaz.

Sonra, burada jurnalistlərlə bağlı məsələ qaldırıldı. İnsanların şərəf və ləyaqətini təhqir eləyirlər. Əgər bu məsələni qaldıranların hər birinin şərəf və ləyaqəti ilə bağlı o ifadələr işlənsə idi, onlar buna dözərdimi? Çıxışında bir balaca o yan-bu yanlıq olanda Pənah Hüseyn 4 dəfə ayağa qalxır. Başqasının ailəsi, nəsli, nəcabəti, ölü-dirisi haqqında yazı yazan adam qanunla intizama dəvət olunur. Burada qeyri-qanuni nə var? Fərəməz Novruzoğlunu burada oturanların bəziləri tanıyır. O nə vaxtdan qələm sahibi olub? Yaxud da Mirzə Sakit. Bu və ya digər adamları şantaj, təhqir eləmək, ailəsinə, nəslinə sataşmaq və digər işlərlə məşğul olurlar. Bunun da bir yolu var. Təhqir olunan adam onu qanuni yolla məhkəməyə verir.

Əgər bir təşkilat, bir idarə texniki təhlükəsizliyə cavab vermirsə, deyirlər ki, texniki təhlükəsizliyə cavab vermir. Gərək bina uçsun, adam ölsün? Texniki təhlükəsizliyə riayət etmək hər bir insanın borcudur. Fövqəladə Hallar Nazirliyi ilə bağlı dediklərinizi haradan götürmüsünüz? Bu sizin uydurmanızdır, sizin yalanınızdır. O işlərlə siz məşğul idiniz. 20 dəstə yaratmışdınız, hərəsi də bir adama tabe idi. Biri daxili işlər nazirinə, biri Xalq Cəbhəsinə, o biri AMİP-ə tabe idi və hərəsi də qapı-qapı girib dükanlardan, restoranlardan pul yığmaqla məşğul idi. İndi burada qanunun tələbi var və mən hesab edirəm ki, buna hər bir kəs əməl etməlidir. İkinci bir tərəfdən insanların...

Yerdən. (Eşidilmir.)

S. Novruzov. Görürsən, bir sözə dözə bilmirsən. Ona görə də mən hesab edirəm ki, atılan hər bir addım qanunun tələbinə cavab verir və istər jurnalist olsun, istərsə də partiya rəhbəri, qanun qarşısında hamı bərabərdir. Kimliyindən asılı olmayaraq heç kəsə xüsusi icazə verilmir ki, istədiyi hərəkətləri etsin və qeyri-qanuni işlərlə məşğul olsun. Kim qeyri-qanuni hərəkətlərlə məşğul olacaqsa, cəzasını da alacaqdır. Heç orta məktəb təhsili olmayan da cibinə vəsiqə qoyub jurnalist olur.

Sədrlik edən. Təşəkkür edirəm. Qüdrət Həsənquliyev.

Q. Həsənquliyev.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən başqa bir məsələ ilə bağlı çıxış etmək istəyirəm. Gündəliyə Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi ilə bağlı məsələ daxil edilmişdi. Bu bizim sabiq deputat həmkarımız Əliməmməd Nuriyevin yaşadığı kənddir. Mən o kənddə olmuşam. Həqiqətən də, mən bunu dəstəkləyirəm.

Amma eyni zamanda, onu da demək istəyirəm ki, mənim doğulub, boya-başa çatdığım Culfa rayonunun Əbrəqunus kəndi vaxtı ilə rayon mərkəzi olub. Mərhum Prezidentimiz Heydər Əliyev ilk dəfə Əbrəqunus seçki dairəsindən millət vəkili seçilib. Hazırda bizim kənddə iki məktəb var. Biri internat, digəri orta məktəbdir. Kənddə polis bölməsi də var. Mən təklif edirəm ki, həmin kəndə ya qəsəbə statusu verilsin, ya da yenidən rayon mərkəzi kimi əvvəlki statusu özünə qaytarılsın.

Bu, təkcə mənim təklifim deyil. Mən Naxçıvanda olarkən kəndin ağsaqqalları məndən xahiş etdilər ki, əlverişli məqam yaranarsa, mən bu məsələni Milli Məclisdə qaldırım. Ona görə də mən bu məsələni Milli Məclisdə qaldırıram və xahiş edirəm ki, müvafiq komissiya bu məsələni araşdırsın. Eyni zamanda, qeyd etmək istəyirəm ki, hələ 80-ci illərin əvvəllərində həmin kənddə böyük bir xəstəxananın tikintisinə başlanmışdır. Xahiş edirəm ki, o yarımçıq qalmış xəstəxananın da tikilib başa çatdırılması üçün müvafiq orqanlar lazımi tədbirlər görsünlər.

Sonra, Pənah bəy bu gün burada xərac yığmaqla bağlı məsələ qaldırdı. Amma Pənah bəy, hazırda xərəc yığanların məhkəməsi gedir və Siz də onların müdafiəçisinə çevrilmisiniz. Xahiş edirəm, bu barədə də düşünəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Qüdrət müəllim, qəsəbə statusu ilə bağlı rayonun bələdiyyəsinə, icra hakimiyyətinə müraciət edin. Bilirsiniz ki, bununla əlaqədar qanun var. Qanunla müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilsin, sonra ona baxmaq olar. Cəmil Həsənli.

C. Həsənli. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, ilk öncə mən prosedurla bağlı məsələyə toxunmaq istəyirəm. Hər dəfə bu məsələ bizim iclaslarımızda müzakirə mövzusu olur. Bu məsələlər Daxili Nizamnamə və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunla tənzimlənir. Kimin sözü yoxdursa, xahiş edirəm, həmin adamlar yazılmasınlar. Amma parlamentdə söz demək, məsələ qaldırmaq, gündəliyə təkliflər vermək istəyən deputatlar var və xahiş edirəm, onların hüquqlarına müdaxilə etməsinlər.

Burada maraqlı məsələlər qaldırıldı. Gülhüseyn müəllim də çox ciddi bir məsələyə toxundu. 10 ilə yaxındır ki, bu parlamentdə Dağlıq Qarabağla bağlı daimi komissiyanın yaradılması ilə əlaqədar təkliflər səsləndirilir. Nəzərə almalıyıq ki, bizim torpaqlarımızı işğal edən Ermənistan parlamentində belə bir komissiya fəaliyyət göstərir. Mən təəccüb edirəm ki, niyə Azərbaycan parlamentində buna bu qədər müqavimət göstərilir və bu komissiya indiyə qədər yaradılmır?

Siyavuş müəllim deyir ki, hamı bu işlə məşğul olmalıdır. Düzdür, hamı məşğul olmalıdır, amma hamının məşğul olduğu işin, bir qayda olaraq, nəticəsi olmur. Müvafiq daimi komissiya olmalıdır. O, sənədləri toplamalı, gündəlikdə saxlamalı və gedən prosesləri izləməlidir. Məsələn, Rusiyada, ya da Amerikada Qarabağla bağlı nə isə çap olunur. Hörmətli Ziyafət müəllim, biz bir neçə gün bundan əvvəl Rusiya ilə humanitar əlaqələr barədə müqavilə layihəsini təsdiq etdik. Həmin layihədə bilavasitə tarixlə, mədəniyyətlə bağlı məsələlər var idi. Ensiklopediya hər hansı bir müəllifin deyil, dövlətin siyasətini özündə əks elətdirən çoxcildli bir əsərdir. Belə olan şəkildə həmin müqavilə niyə işləmir? Mənə elə gəlir ki, müvafiq dairələrdən bunu soruşmaq lazımdır.

İkincisi, bizdə əsərlər yazılmırmı? Yazılır. Mənim bildiyimə görə, elə Yaqub müəllimgil Qarabağın tarixi ilə bağlı çox nadir bir kitab hazırlayıblar. Amma bu kitabı dünyaya çıxarmaq, xarici dillərə çevirmək lazımdır. Bu siyasətin arxasında dövlət dayanmalıdır.

Nəhayət, həbs olunmuş jurnalistlərlə bağlı fikrimi demək istəyirəm. 9 nəfər jurnalistin heç biri kiminsə ailəsini tənqid etdiyinə görə həbsdə yatmır. Onlar məhz korrupsiyadan yazdıqlarına görə bu gün həbsdədirlər. O qəzetlər məmurların hədəfinə tuş olur ki, onlar korrupsiya ilə bağlı çox güclü materiallar dərc edirlər.

Sədrlik edən. Təşəkkür edirəm. Aydın Mirzəzadə.

A. Mirzəzadə. Çox sağ olun. İki məsələyə münasibət bildirmək istəyirəm. Birincisi, məndən əvvəl çıxış edən hörmətli Cəmil müəllim Qarabağ komissiyasının yaradılmasının vacibliyini vurğuladı. Fakt da gətirdi ki, Ermənistan parlamentində Qarabağla bağlı komissiya var. Mən soruşmaq istərdim, hörmətli Cəmil müəllim, Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqla hansı nəticəni əldə edib? Dağlıq Qarabağa beynəlxalq status verdirə, onun hüquqi cəhətdən tanınmasına nail ola, işğal edilmiş torpaqları ermənistanlaşdıra bilibmi? Yəni bu gün bizə nümunə göstərilən həmin komissiya ortaya bir nəticə qoya bilibmi? Bəli, bizim parlamentdə Dağlıq Qarabağla bağlı komissiyamız yoxdur, amma buna baxmayaraq, son dövrdə cənab Prezidentimizin bəyanatlarından da göründü ki, Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeləri möhkəmlənir. Artıq problemin yaxın vaxtlarda həll olacağını deyir. Eyni zamanda, prinsiplər də açıqlanıbdır. Sadəcə, sənədlər toplamaqla və ya saatlarla danışmaqla məsələ həll edilmir. İlk növbədə, dövlət siyasətinin möhkəmləndirilməsi və prinsipial mövqe ilə problemlər həll edilir. Bunun həllinin yaxınlaşdığı da göz önündədir.

İkinci deyəcəyim məsələ son dövrlərdə Azərbaycan siyasətinin gündəliyinə müxalifət dairələri tərəfindən guya mətbuata təzyiqlər olması ilə bağlı ötürülən tezislərlə bağlıdır. Mən də deyirəm ki, mətbuatda problem var. Amma mən bu məsələyə sizin dediyiniz formada deyil, tamamilə başqa bucaq altında baxıram. Problem mətbuatın öz içərisindədir, mətbuatda deyil. Bu gün Azərbaycan iqtidarını tənqid edən kifayət qədər yazılar və materiallar var. Amma həmin materialların müəlliflərinin heç biri məhkəməyə çəkilmir. Məhkəməyə daxili senzurası olmayan, jurnalist etikasını unudanlar çəkilir. Həmin 9 nəfərin işinə baxsaq, görərik ki, onların yazdıqları yazıların hər biri mütləq şəkildə jurnalist etikasının pozulmasıdır, kiminsə şərəf və ləyaqətinin təhqir edilməsidir. Nədənsə belə hesab edilir ki, müxalifət qəzetlərində iqtidar nümayəndələri tənqid və təhqir edilə, onların ailə məsələlərinə toxunula bilər, amma müxalifət dairələri barəsində belə yazılar ola bilməz. Bir anlığa təsəvvür edin ki, rəsmi dövlət qəzetləri olan “Xalq qəzeti”, “Azərbaycan” qəzeti müxalifət dairələrini həmin formada tənqid və təhqir etməyə başlayır, böhtanlar yazır. Mən inanmıram ki, onlar buna dözərdilər. Yəqin ki, bəyanatlar bir-birinin ardınca Avropa Şurasına və digər təşkilatlara göndərilərdi. Mən ona görə də üzümü onlara tutub demək istəyirəm ki, o şeyi ki özünüzə qarşı görmək istəmirsiniz, heç vaxt başqasına rəva bilməyin. İlk növbədə, özünüzə qiymət verin, səhvlərinizi görün. Bu baxımdan hesab edirəm ki, Azərbaycan mətbuatının problemi, ilk növbədə, onun öz içərisindən gəlir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Arzu Səmədov.

A. Səmədov. Çox sağ olun. Aydın müəllim çox doğru deyir, özünüzə rəva bilmədiyinizi başqasına eləməyin. Çünki onun qarşılığını nə zamansa mütləq görəcəksiniz. Hörmətli iqtidar deputatları və onlara yaxın olan millət vəkilləri mətbuata basqıları, ölkədəki özbaşınalıqları və problemləri ört-basdır etməyə çalışırlar. Bu, göz qabağındadır. Deyirsiniz ki, hamı qanun qarşısında bərabərdir. Qanunlar işləmir, ölkədə məmur özbaşınalığıdır, kim necə istəyir, o cür də idarə edir. Mənə elə gəlir ki, bu qarayaxmalar davam edəcək, amma çirkin işlərinin üstünü örtə bilməyəcəklər.

Əvvəla, mən də mətbuata basqılar, “kürd köçü” və ölkədə narahatçılıq doğuran digər məsələlərlə bağlı deyilənlərlə həmrəy olduğumu bildirirəm. İki məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Birincisi, bu günlərdə mənim 8-ci mikrorayonda seçicilərimlə görüşüm oldu. Məlum oldu ki, Süleyman Sani Axundov küçəsindəki binanın üstündə telefon ötürücü stansiyası quraşdırılır. İnsanlar buna etiraz edirlər. Sakinlərə deyirlər ki, siz narahat olmayın, burada şüalanma yoxdur, o yalnız 60 metrdən sonrakı binaları və orada yaşayanları tutacaq. Bu nə cür yanaşmadır? Yəni sizdən ötdü, o birisinə dəydi. Siz narahat olmayın, qoy xəbəri olmayanlar narahat olsunlar. Sakinlər buna qarşı etiraz ediblər və aidiyyəti orqanlara müraciət ediblər. O cümlədən mənə də müraciət ediblər ki, mən parlamentdə bu narahatçılığı ifadə edim və bu özbaşınalığın qarşısı alınsın.

İkincisi, bilirsiniz ki, bu gün Azərbaycanın güneyində baş verən milli hərəkatın bir illiyi tamam olur. Bu ildönümü ərəfəsində orada çox böyük basqılar, tutqular var, milli hərəkatın fəallarını tuturlar. Son günlərdə 150-yə yaxın milli fəal həbs olunub. Bunların sırasında çox tanınmış insanlarımız var. O cümlədən Bilim Yolu Dərnəyinin rəhbəri Mirəli Rzayev, yazıçı-müəllim Məhəmməd Sadiq Moinzadə, İbrahim Moini bunların arasındadır. Urmiyada, Təbrizdə və digər şəhərlərdə həbslər davam edir. Bilirsiniz ki, bu məsələlərlə bağlı ABŞ-ın Dövlət Departamenti də narahatçılığını ifadə edib. Orada milli hərəkat davam edir. Bizə düşən isə onların bu mübarizəsinə dəstək verdiyimizi bildirmək və eyni zamanda, bu tutqulara son qoyulmasını, nəhayət, İran hakimiyyətindən tələb etməkdir. Onlar bizim qan qardaşlarımızdır. Biz bu məsələlərdə susa bilmərik. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Bizim vaxtımız başa çatır. Qənirə xanıma da söz verək, sonra yekunlaşdıraq.

Q. Paşayeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bir neçə məsələyə toxunacağam. Bəzi millət vəkillərimiz Azərbaycan həqiqətlərinin dünyada təbliği məsələlərinə toxundular. Hər kəs bu yaxınlarda keçirilən “Evrovision” müsabiqəsinin şahidi oldu. Azərbaycan həm maddi imkanlarına, həm də mədəniyyətinə görə qonşu ölkələrdən daha öndə olsa da, biz bütün Avropanın iştirak etdiyi tədbirdə yox idik. Mən istəyərdim ki, bu məsələdə çox ciddi olaq. Bu, təkcə mədəniyyətin təbliği deyil, çox böyük bir siyasətdir. Birincisi biz bunu özümüzə yaraşdırmamalıyıq. Bütün Avropanın olduğu yerdə biz niyə olmamalıyıq? İkincisi, Ermənistan iki ildir ki, bu yarışmada iştirak edir. İndi Gürcüstan da qatılıb. Öz ölkələrini çox təbliğ edirlər. Hətta Ermənistan Azərbaycanın bütün musiqi alətlərini erməni musiqi alətləri kimi “Evrovision” da təbliğ etdi. Amma biz orada yox idik. Nəyə görə? Biz bu məsələyə ciddi önəm verməliyik.

Sonra, orada baş verən digər bir məsələyə toxunmaq istərdim. Burada Türkiyədən olan qardaşlarımız, onların mətbuat nümayəndələri iştirak edir. Mən istəyərdim ki, onlar bizim parlamentdə səslənən bu fikrimizi Türkiyədə yaysınlar. Şuşanın və Laçının işğalının 15-ci ildönümü ərəfəsində Türkiyənin Ermənistana ən yüksək balı verməsini 1 milyon qaçqını olan Azərbaycan başa düşə bilmir və bilməyəcək də. Biz bu addımları hər kəsdən gözləsək də, qardaş Türkiyədən gözləmirdik. Bizim bu mesajımız onlara çatmalıdır.

Ziyafət müəllim, qarşıdan ermənilərin azərbaycanlılara qarşı törədiyi soyqırımı hadisəsinin və Bakının işğaldan azad edilməsinin 90 illiyi gəlir. Mən çox istərdim ki, biz 90 illiklə bağlı tədbirlər planının hazırlanması üçün parlamentdə bir qrup yaradaq. Bu böyük bir tarixdir və bizim görəcəyimiz işlər parlament səviyyəsində həyata keçirilməlidir. Biz buna ciddi hazırlaşmalıyıq. Biz ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı genişliyi ilə dünyaya göstərməliyik.

Ölkəmizin daxilində də ciddi işlər görməliyik. Azərbaycanda soyqırımı muzeyinin yaradılmasına ehtiyac var. Gələn qonaqları biz birinci ora aparmalıyıq ki, ermənilərin nələr törətdiklərini görsünlər. Gənclər arasında aparılan iş gücləndirilməlidir. Buradakı insanlar Laçının işğalı günündə bir şəhəri gəzdilərmi? Mən çox üzülərək gəzdim. Şəhərimizdən Laçının işğalı gününün qoxusu gəlmirdi. Ona görə də biz gənclər arasında geniş işlər aparmalıyıq. Bu gündə əylənməyə üstünlük verən gəncdən Laçını alan çıxmaz. Biz daxildə də bu məsələləri ciddi şəkildə müzakirə edib təbliğatımızın istiqamətini qurmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, bizim yarım saatlıq vaxtımız başa çatır. Mən də bir neçə məsələyə münasibətimi bildirmək istərdim. Təklif oldu ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi bir komissiya yaradılsın. Bilirsiniz, mənim yadıma 6 il bundan əvvəl ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən iclas düşdü. Müxalifət həmişə deyir ki, komissiya yaradılsın, araşdırmalar aparılsın. Mənim yadımdadır, 2 gün ərzində keçirilən həmin iclasda heç bir təklif ortaya qoyulmadı. Yəni mən tam səmimiyyətimlə deyirəm, bu heç bir nəticə verməyəcək. Əksinə, bu məsələ ilə nə qədər az adam məşğul olsa, onun səmərəsi bir o qədər çox olar. Ölkə Prezidenti bu məsələ ilə məşğul olur. Onun iş vaxtının əksər hissəsi bu işlə bağlıdır. Xarici işlər naziri də bu işlə məşğuldur. Mənim bildiyim qədər, danışıqlar da çox səmərəli gedir. İnşallah, bu məsələ Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunacaq. Buna heç kəsin şübhəsi olmasın. İndi danışıqların bu mərhələsində komissiya yaradaq? Bu nə işlə məşğul olacaq? Mənə elə gəlir ki, buna heç bir ehtiyac yoxdur.

Burada deyildi ki, guya bu komissiya bizim səsimizi bütün dünyaya çatdıracaq. Burada Avropa Şurası Parlament Assambleyasında, ATƏT-in Parlament Assambleyasında, NATO-nun Parlament Assambleyasında, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasında Azərbaycanı təbliğ edən deputatlar oturub. Elə bir komitə iclası yoxdur ki, orada Dağlıq Qarabağ məsələsini bizim deputatlar qaldırmasınlar. Yeri gəldi-gəlmədi, bu məsələ qaldırılır. Çünki bu bizim qan məsələmizdir. Ona görə də elə hesab etməyin ki, Dağlıq Qarabağla bağlı yaradılacaq komissiya bu işi daha yaxşı görəcək və o biri deputatlar bununla məşğul ola bilməz. Hamı bununla məşğuldur, hamı bu sahədə əlindən gələni edir və edəcək. Amma yenə də deyirəm, burada əsas işi aparan ölkə Prezidentidir. Xarici İşlər Nazirliyi də bu işlə məşğuldur. Ona görə də hamımız bu işdə onlara kömək etməliyik.

Burada guya jurnalistlərin kütləvi həbs edilməsi ilə bağlı danışıldı. Mən bilmirəm, sizdə nə cür informasiya var? Bəzi müxalifət qəzetləri həmişə Ermənistanı örnək gətirirlər, amma heç vaxt Ermənistanda jurnalistlərin kütləvi qırığınından danışmırlar. Mən sizə səmimi deyirəm, bu gün Azərbaycanda mətbuat azadlığı lazım olandan çoxdur. Burada təklif edirlər ki, Diffamasiya haqqında qanun qəbul edilsin. Siz yoxlamısınızmı, Avropanın neçə ölkəsində bu qanun qəbul olunub? Üzr istəyirəm, su gəlməmiş çırmanırıq. İnsan hüquqlarının mərkəzi sayılan Avropa dövlətlərinin neçəsində bu qanun qəbul olunub? Yəni siz, doğrudanmı, hesab edirsiniz ki, bu gün Azərbaycan xalqı təhqirə və böhtana layiqdir? Çünki Diffamasiya haqqında qanunun kökündə bu durur. Şərəf və ləyaqətini təhqir edirsən. Maddəni götür, üzr istəyirəm, söy. Kim buna dözər? Bu xalq bu təhqirə, böhtana layiqdirmi, Sabir müəllim? Mən bir xalq şairi kimi Sizə müraciət edirəm. Axı belə olmaz, hamımız azərbaycanlıyıq.

Burada belə bir fikir səsləndi ki, guya jurnalistlər kiminsə ailəsini təhqir etdiklərinə görə yox, korrupsiyadan yazdıqlarına görə həbs ediliblər. Korrupsiyadan, rüşvətxorluqdan yazırsan, yaz, səni heç kim saxlamır. Amma faktla yaz. Yaxud yazırlar ki, filankəsov filankəs filan işlərlə məşğuldur. Sonra məlum olur ki, bunun arxasında heç bir fakt yoxdur. Fakt olmayanda böhtan kimi tövsif olunur və məhkəməyə verirlər. Bunun yolu budur. Dediyimiz hüquqi dövlət belə olur. Məmur nə etsin, getsin, bunu redaksiyada əzişdirsin? Bu qətiyyən yolverilməzdir. Hüquqi dövlət belə qurulur. Mən səmimi deyirəm, elə şeylər var ki, hamı bilir, amma hələ belə olmalıdır. Belə şeylərə qara eynəklə baxmaq düzgün deyil.

Cəmil müəllim ensiklopediya ilə, Azərbaycanın ərazi bütövlüyünün təhrif edilməsi ilə bağlı məsələ qaldırdı. Mən tamamilə Sizinlə razıyam. Amma yadınıza salmaq istəyirəm ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı iki dəfə etiraz notası verib. Dünən Sergey Lavrov burada olanda bizim hörmətli nazirimiz bu məsələni qaldırıb və Rusiya tərəfi bu yaxınlarda ikinci etiraz notasına cavab verəcəkdir. O ki qaldı bu cür məsələlərin ortaya çıxmasına, yenə deyirəm, hər şeyi dövlət səviyyəsində etmək olmaz. Bizim gözəl tarixçi alimlərimiz var. Təbii ki, onlar da öz işlərini görürlər və bundan sonra da bu işləri gücləndirmək lazımdır. Diqqətinizə görə çox sağ olun.

İndi isə gündəliyə keçirik. Gündəlikdə duran birinci məsələ Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Qanun layihəsinin üçüncü oxunuşudur. Ziyad müəllim, buyurun.

Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.

Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Daxili audit haqqında Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuşdan sonra İqtisadi siyasət daimi komissiyasının iclasında Maliyyə Nazirliyinin, Milli Bankın və Auditorlar Palatasının nümayəndələrinin iştirakı ilə bir daha ətraflı müzakirə edilmişdir. Müzakirə zamanı hörmətli millət vəkilləri Azər Əmiraslanov, Əli Məsimli, Vahid Əhmədov, Rafael Cəbrayılov, Nazim Məmmədov, Xanhüseyn Kazımlı, Adil Əliyev və Dünyamin Xəlilov tərəfindən qanunun ayrı-ayrı maddələri üzrə bir sıra təkliflər bildirilmişdir.

Müzakirələrdə səslənən təkliflərə əsasən qanunun preambulasında, 1, 3.1, 3.1.4, 3.1.6, 3.2, 4 və 6-cı maddələrində redaktə xarakterli düzəlişlər edilmişdir. Bu qanunun predmeti olmadığından “Əsas anlayışlar” adlı 1-ci maddədən “daxili nəzarət sistemi” anlayışı çıxarılmış və “təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı” anlayışının mənası açıqlanmışdır.

Qanunun 5.1, 7.2, 7.4, 7.5, 8.3 və 10.1.2-ci maddələrində Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş daxili auditin etik prinsiplərinə əməl olunması daha aydın təsbit edilmişdir.    

Qanunun strukturunda müvafiq ardıcıllıq gözlənilərək auditorun hüquq və vəzifələri və onlara dair tələblərdən sonra daxili audit xidmətinin rəhbərinin vəzifələri və onlara dair tələblər verilmişdir.

Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Üçüncü oxunuş üçün sizin müzakirənizə təqdim edilən Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi bütün maraqlı tərəflərin, ilk növbədə Milli Məclis üzvlərinin təkliflərinin böyük əksəriyyətini özündə ehtiva edir və bizim fikrimizcə, Milli Məclis tərəfindən bəyənilməyə layiq işlənib hazırlanmışdır. Son olaraq, sizi əmin edirəm ki, bu qanunun qəbul edilməsi təsərrüfat subyektlərində idarəetmənin səmərəliyinin artırılması, daxili ehtiyatlardan məqsədəuyğun istifadə edilməsi və fəaliyyətlərin şəffaflığının təmin edilməsi ilə yanaşı, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə iqtisadiyyatının inkişafına və bütövlükdə onun dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. Xahiş edirəm, məsələyə müsbət münasibətinizi bildirəsiniz.

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Bu qanun layihəsi üçüncü oxunuşda səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 12.47 dəq.)
Lehinə    83
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    83
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Gündəliyin növbəti məsələsi Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsinin üçüncü oxunuşudur. Ziyad müəllim, buyurun.

Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən qanunun ayrı-ayrı maddələri üzrə bir sıra təkliflər bildirilmişdi. Müzakirədə səslənən təkliflər, əsasən, qanunun adı, sığorta hadisəsinin hesab edildiyi və hesab edilmədiyi halların, sığortalının və sığortaçının hüquq və vəzifələrinin dəqiqləşdirilməsi, sığorta məbləğinin, sığorta ödənişinin və sığorta haqqının müəyyən edilməsi, bu qanunun qəbul edilmiş qanunvericilik aktları ilə uyğunlaşdırılması və digər məsələlərlə bağlı olmuşdur.

Millət vəkillərinin və mütəxəssislərin təklifləri nəzərə alınaraq layihənin adından “hüquq” sözü çıxarılmış və qanunun adı “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” kimi verilmişdir. Millət vəkili Adil Əliyevin və mütəxəssislərin təklifləri nəzərə alınaraq 1.4-cü maddədə “auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası” anlayışı qanun layihəsində bu sığortanın aparılması qaydası və şərtləri müəyyən olunduğundan, həmçinin preambulada onun aparılmasının məqsədi açıqlandığından layihədən çıxarılmışdır.

Millət vəkili İlyas İsmayılovun və mütəxəssislərin təklifləri nəzərə alınaraq 6.2.1-ci maddədə müvafiq dəyişiklik edilmiş, “sığortalının vəzifəsi” kimi qalması məqsədəmüvafiq hesab edilmişdir.

8.10-cu maddədə sığorta məbləğinin miqdarının konkretləşdirilməsi, sığorta məbləğinin artırılaraq auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün 3000 manat miqdarında müəyyənləşdirilməsi nəzərdə tutulur.

Millət vəkili Rafael Cəbrayılovun və mütəxəssislərin təklifləri nəzərə alınaraq 11.1-ci maddənin mətnində redaktə xarakterli dəyişikliklər edilmiş, “ağlabatan müddətdə” sözü çıxarılmışdır. 12-ci maddədə redaktə xarakterli dəyişikliklər edilmişdir. 13-cü maddədə redaktə xarakterli dəyişikliklərlə bərabər, burada zərərin auditorun qəsdən edilmiş hərəkətləri nəticəsində yaranması halları sığorta ödənişi verməkdən imtina əsası kimi nəzərdə tutulur.

16-cı maddə qüvvədə olan sığorta qanunvericiliyində sığorta risklərinin bölüşdürülməsi qaydasını müəyyən edən uyğun maddələrin mövcud olması ilə əlaqədar çıxarılmışdır. Millət vəkili Rafael Cəbrayılov və mütəxəssislərin təklifləri nəzərə alınaraq 17-ci maddə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olması və iddia müddətlərinin həmin məcəllə ilə tənzimlənməsi səbəbindən çıxarılmışdır.

Son olaraq nəzərinizə çatdırmaq istərdim ki, üçüncü oxunuş üçün müzakirənizə təqdim edilən Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikası qanununun layihəsi bütün maraqlı tərəflərin, ilk növbədə Milli Məclis üzvlərinin təkliflərinin böyük əksəriyyətini özündə ehtiva edir və bizim fikrimizcə, Milli Məclis tərəfindən müsbət qiymətləndirilə bilər. Bu qanun layihəsinin qəbul edilməsi iqtisadi inkişafımızın müasir mərhələsində auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılması, həmçinin auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin qarşılanması üçün münbit şəraitin yaradılmasını təmin edəcəkdir. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.

Sədrlik edən. Sağ olun. İlyas müəllim, Sizin sualınız var?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən
. Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmur. Zəhmət olmasa, yazılı surətdə Ziyad müəllimə verin, imkan olsa, nəzərə almaq olar. Buyurun, qanun layihəsinin üçüncü oxunuşda qəbuluna münasibətinizi bildirin.

Səsvermənin nəticələri     
(saat 12.52 dəq.)
Lehinə     94
Əleyhinə     0
Bitərəf     0
Səs vermədi     0
İştirak edir     94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Bu qanun layihəsinin də üçüncü oxunuşudur. Ziyad müəllim, buyurun.

Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsinin ikinci oxunuşda qəbulundan sonra sənədlə bağlı daimi komissiyada və Milli Məclisdə görülən işlər, verilən təkliflərə əsasən layihədə edilən dəyişiklik və əlavələr barədə məlumat vermək istərdim. Qeyd etməliyəm ki, birinci oxunuşda olduğu kimi, ikinci oxunuş zamanı da Milli Məclisdə və daimi komissiyada qanun layihəsinin ətraflı müzakirəsi keçirildi. Millət vəkilləri Fazil Mustafayev, Nizami Xudiyev, Rafael Cəbrayılov, Eldar Quliyev, Vahid Əhmədov, Əli Məsimli, Pənah Hüseyn tərəfindən bütövlükdə 20-dən artıq müxtəlif xarakterli təkliflər irəli sürüldü. Maliyyə Nazirliyinin, Milli Bankın rəhbərliyi və mütəxəssisləri də qanun layihəsinin ikinci oxunuşundan sonra onun daha da təkmilləşdirilməsində fəal iştirak edərək faydalı və lazımlı təkliflər vermişlər. Ümumilikdə 15 təklif olmuşdur. Bütün bunlara görə hörmətli millət vəkillərinə və ekspertlərə öz dərin təşəkkürümü bildirirəm.

İlk olaraq qanun layihəsinə edilmiş əsas əlavə və dəyişikliklərlə bağlı qısa qeydlərimi diqqətinizə çatdırmaq istərdim. Verilmiş təklifə əsasən 2-ci maddənin adı və onun birinci cümləsi qanunun adına uyğun olaraq redaktə olunmuşdur. Bir neçə millət vəkilinin təkliflərini nəzərə alaraq, layihənin əvvəlki variantında verilmiş 8.1 və 8.2-ci maddələr birləşdirilmiş, bir müddəada daha təkmil şəkildə verilmişdir.

“Xarici dövlət borcalmaları” adlanan 10-cu maddəyə borcalmaların həyata keçirilmə formalarının biri kimi aşağıdakı redaksiyada yeni 10.1.3. bəndi əlavə olunur: “Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması”.

Millət vəkili Rafael Cəbrayılovun təklifinə əsasən 15.2-ci maddənin sonu imperativ formada, yəni “tələb etməlidir” söz birləşməsi kimi verilir.

Milli Bankın, millət vəkillərinin və işçi qrupun təklifi ilə 18-ci maddənin mətni yenidən işlənib, orada lazımi redaktə işləri aparılıb.

20-ci maddənin adı dəyişdirilərək “Borcalmaların statistikasının aparılması” şəklində verilmişdir. Milli Bankın təklifinə əsasən bu maddəyə aşağıdakı redaksiyada 20.1. bəndi əlavə olunur: “Azərbaycan Respublikasının ümumi xarici borcu xarici dövlət borcundan və dövlət öhdəliyi yaratmayan xarici borcalmalardan ibarətdir. Azərbaycan Respublikasının ümumi xarici borcunun statistikasının aparılması və yayılması müvafiq icra hakimiyyəti orqanının müvəkkil etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir”.

Hörmətli millət vəkilləri, müzakirələr zamanı söylənilmiş təkliflərə əsasən sənədin preambulasında, 3.2, 5.2.1, 5.2.6, 7.2, 9.1.2, 9.1.3 və 11.1.9-cu maddələrində redaktə xarakterli müxtəlif dəyişikliklər və düzəlişlər edilmişdir. Qeyd etməliyəm ki, qanun layihəsinin müzakirə olunan variantı birinci və ikinci oxunuş zamanı etdiyiniz dəyişiklik və əlavələr nəzərə alınmaqla qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmaq üçün Prezidentin İcra Aparatına göndərilmiş və bu fikirlər, əsasən, razılaşdırılmışdır. Hesab edirik ki, sənədin bu gün müzakirə olunan mətni üçüncü oxunuşun tələblərinə cavab verir. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm.

Ziyafət müəllim, icazə versəydiniz, bir məsələni millət vəkillərinin nəzərinə çatdırardım. Deputatlardan hörmətli Əli Məsimli və Vahid Əhmədov qanun layihəsinə 9.1.4-cü bəndin əlavə edilməsini təklif edirdilər. Burada söhbət Azərbaycan Respublikası vətəndaşlarına 1992-ci il 1 yanvar tarixinə olan əmanət qalığının və ona uyğun olaraq təzminatın ödənilməsindən gedir. Bu məsələ hazırda müzakirə obyektidir. Bu, ciddi bir təklifdir. Millət vəkilləri əsaslandırırlar ki, əmanətlərin qaytarılması məsələsi həll olunmalıdır. Eyni zamanda, bu bilavasitə ciddi bir məsələ olduğu üçün mütləq qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmalıdır. Bu gün qanun layihəsini qəbul edək, amma bu təklifi də onların nəzərinə çatdıraq. Sağ olun.

Sədrlik edən.
Sağ olun. İlyas İsmayılov.

İ. İsmayılov. Bu qanunun 5.1-ci maddəsinə görə, dövlət borcu maliyyə orqanları tərəfindən idarə olunur. Qanunun 8.3-cü maddəsində isə yazılır ki, dövlət borcalmalarına və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti maliyyə orqanı həyata keçirir. Necə olur ki, həm idarə, həm də nəzarət bir orqanda olur? Yaxşı olardı ki, nəzarət ya Milli Məclisin Hesablama Palatasına, ya da Nazirlər Kabinetinə verilsin. Bir orqan eyni vaxtda həm idarə, həm də nəzarət edə bilməz. Sağ olun.

Sədrlik edən. Sağ olun. İlyas müəllim, burada o, nəzərdə tutulub. Konstitusiyaya görə, büdcə üzərində nəzarəti Hesablama Palatası həyata keçirir və bu da onun bilavasitə funksiyalarından biridir. Düzdür, bura nazirliyi yaza bilmərik, amma Prezidentin fərmanında bu göstəriləcək. Siz deyən məsələdir. Xahiş edirəm, qanun layihəsinin üçüncü oxunuşda qəbuluna münasibətinizi bildirin.

Səsvermənin nəticələri     (saat 12.59 dəq.)
Lehinə     90
Əleyhinə     0
Bitərəf     0
Səs vermədi     0
İştirak edir     90
Nəticə: qəbul edildi

Qəbul edldi, sağ olun.

Gündəliyin dördüncü məsələsi “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.

Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.

Çox sağ olun. Hörmətli Ziyafət müəllim, icazə versəniz, 4-cü və 5-ci məsələləri birgə məruzə edərdim, çünki hər ikisi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bağladığı sazişlərlə əlaqədardır.

Sədrlik edən. Buyurun.

Ə. Hüseynov.
Çox sağ olun. Bu saziş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığının inkişafına yönəlmişdir. Bilirsiniz ki, nəqliyyatda da cinayətkarlıq halları artır və bu baxımdan sərnişinlərin və yük daşımanın maksimum təhlükəsizliyini təmin etmək MDB dövlətləri qarşısında duran mühüm vəzifələrdən biridir. Hesab edirəm ki, məhz buna görə bu sazişi təsdiq etmək lazımdır.

Bu sazişə Azərbaycan Hökuməti xüsusi rəylə qoşulur. Azərbaycan Respublikası hesab edir ki, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmayana və Azərbaycana qarşı təcavüzün nəticələri aradan qaldırılmayana qədər sazişin müddəalarının Azərbaycan və Ermənistan arasında tətbiq olunması qeyri-mümkündür. Hörmətli həmkarlar, bilirsiniz ki, biz bir çox beynəlxalq konvensiyalara bu qəbildən olan qeyd-şərtlə, bəyanatla qoşuluruq. Hesab edirəm ki, bunun praktiki əhəmiyyətindən öncə siyasi əhəmiyyəti var. Sazişlər imzalanarkən Azərbaycan Ermənistanın işğalçı dövlət olduğunu bir daha vurğulamaq məqsədi ilə bunları edir. Bu, saziş olduğuna görə xüsusi rəylə kifayətlənmək olar. Amma bunun əhəmiyyəti kifayət qədər ciddidir.

İkinci saziş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqındadır. İqtisadi təhlükəsizliyə təhlükə yaradan vergi cinayətlərinin miqyasının son dövrlər artmasından narahatlığını bildirərək və vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığın effektivliyinin artırılması məqsədi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu sazişin də xüsusi rəylə qəbul olunması təklif olunur. Xüsusi rəydə qeyd olunur ki, Azərbaycan Respublikası birgə əməliyyat-axtarış tədbirləri və xüsusi əməliyyatlar üzrə qərarları öz milli qanunvericiliyinə müvafiq olaraq və hər halı üzrə ayrılıqda qəbul edəcək. Biz öncə də bu cür sazişlərdə bunu etmişik, çünki milli qanunvericiliyin əməliyyat-axtarış tədbirləri ilə bağlı xüsusi rəyi ola bilər. Bu xüsusi rəy də tamamilə yerindədir. Millət vəkillərindən hər iki sazişə səs verməyi xahiş edirəm. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Gültəkin xanım, hər iki qanun layihəsi ilə bağlı əlavəniz varmı? Buyurun.

G. Hacıyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini.

Sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hər iki saziş Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında müzakirə edilmişdir. Komissiyamız hər iki sazişlə bağlı öz müsbət fikrini söyləmişdir. İstər nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlıq, istərsə də vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında sazişlər Azərbaycanın milli maraqlarına uyğun bir şəkildə tərtib edilib və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.

Eyni zamanda, hörmətli həmkarım Əli müəllimin qeyd etdiyi kimi, hər iki sazişə xüsusi rəylə qoşulmuşuq. Bu, Azərbaycan-Ermənistan münaqişəsi həll olunana qədər hər hansı bir sazişdə əməkdaşlığı istisna edir. Digər xüsusi rəydə isə birgə əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyat üzrə qərarların yalnız milli qanunvericiliyə uyğun həyata keçirilməsi göstərilir. Tərəflər sazişin müddəalarının icrası zamanı milli qanunvericiliyə, yəni hər bir ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq hərəkət edir. Bu baxımdan milli mənafelərin qorunması, Azərbaycanın beynəlxalq öhdəlikləri ilə bağlı münasibətdə neytrallığı özünü göstərir. Buna görə komissiyamız hər iki sazişin təsdiq olunmasına yekdilliklə səs vermişdir. Sağ olun.

Sədrlik edən. Sağ olun. Ziyad müəllim, beşinci məsələ ilə bağlı əlavəniz varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda xahiş edirəm, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr
   (saat 13.05 dəq.)
Lehinə    88
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Xahiş edirəm, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr    (saat 13.06 dəq.)
Lehinə    78
Əleyhinə    0
Bitərəf    2
Səs verməd    0
İştirak edir    80
Nəticə: yetərsay yoxdur

Yetərsay yoxdur? Xahiş edirəm, diqqətli olun, bir də səs verin.

Səsvermənin nəticələr
   (saat 13.07 dəq.)
Lehinə    92
Əleyhinə    0
Bitərəf    1
Səs verməd    0
İştirak edir    93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi haqqında” 1997-ci il 10 iyun tarixli Sazişə Protokolun təsdiq edilməsi barədədir. Əli Hüseynov, buyurun.

Ə. Hüseynov. Sağ olun. Ziyafət müəllim, qeyd etdiyiniz kimi, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında 1997-ci il tarixli saziş mövcuddur. O zaman bu sazişin 7-ci maddəsi vizasız gediş-gəlişlə bağlı əlavə protokolun qəbul olunmasına və bu məsələnin genişləndirilməsinə şərait yaradırdı. Bilirsiniz ki, müəyyən sazişlərdə vizasız gediş-gəliş bəzi hallarda diplomatik və xidməti pasport daşıyıcıları üçün nəzərdə tutulur. Amma Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında həmişə dostluq, qardaşlıq münasibətləri mövcud olub. Son dövrlərdə isə Azərbaycanla Qazaxıstan arasında iqtisadi münasibətlər inkişaf edir. Artıq belə bir protokolun imzalanması çox vacibdir. Bu protokola edilmiş əlavələrdən görünür ki, vizasız gəlmək, getmək və oradan tranzitlə keçmək hüququ verən sənədlərin siyahısı genişləndirilib. Təbii ki, ora ümumvətəndaş pasportları, diplomatik, xidməti pasportlar və şəxsiyyəti sübut edən digər sənədlər, dənizçi pasportu və qayıdış şəhadətnaməsi aiddir. Biz parlamentdə bu məsələni tənzimləmişik. Beləliklə, Azərbaycan və Qazaxıstan Respublikaları arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi ilə bağlı bütün məsələlər artıq tənzimlənmiş olur. Belə bir sazişə əlavə protokolu ratifikasiya etmək parlament tərəfindən çox zəruri olardı. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Bu məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da müzakirə olunub. Gültəkin Hacıyeva, buyurun.

G. Hacıyeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Sözsüz ki, bu qanun layihəsi bizim komissiyada dəstəklənib. Çox mütərəqqi mahiyyətə malik olan və Azərbaycanla Qazaxıstan, bütövlükdə Orta Asiya regionu, türkdilli respublikalar arasında münasibətlərin inkişafına xidmət edən bu sənəd Milli Məclisin bütün üzvləri tərəfindən çox müsbət dəyərləndirilir. Bizim komissiyamız da bu mövqedədir. Sağ olun.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri    (saat 13.10 dəq.)
Lehinə    96
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    96

Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Saziş bütövlükdə Azərbaycanın milli maraqlarına cavab verən bir sənəddir. Bilirsiniz ki, ölkə iqtisadiyyatının inkişafına təsir edən mühüm amillərdən biri gömrük siyasətidir. Azərbaycan Respublikasında gömrük siyasətinin inkişaf etdirilməsində əsas addımlardan biri də gömrük işini beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəltməkdir. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında bağlanmış bu saziş iki ölkə arasında gömrük münasibətlərinin və gömrük məsələləri üzrə qarşılıqlı yardımın inkişafı üçün vacib əhəmiyyət kəsb edir.

Mən saziş haqqında ətraflı danışmaq istəmirəm, çünki bu xarakterli sazişlər Milli Məclisdə dəfələrlə müzakirə edilmişdir. İqtisadi siyasət daimi komissiyası millət vəkillərindən xahiş edir ki, bu sənədə müsbət münasibət bildirsinlər. Sağ olun.

Sədrlik edən. Sağ olun. Gültəkin xanım, buyurun.

G. Hacıyeva. Sağ olun. Hörmətli millət vəkilləri, biz artıq Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərlə bağlı 2 sazişi təsdiq etdik. İndi isə “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişi təsdiq edirik. Daha öncə isə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə protokolu təsdiq etmişik. Bu, Azərbaycanın xarici siyasətinin qarşılıqlı hörmət və bərabər münasibətlər əsasında inkişafının göstəricisidir.

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış bu saziş gömrük siyasətinin həyata keçirilməsi sahəsində mühüm bir addımdır, Azərbaycan-Amerika strateji əməkdaşlığına xidmət edir. Digər təsdiq olunan sazişlərdə olduğu kimi, bu sazişin də əsas iş mexanizmi sorğuların verilməsidir. Azərbaycan tərəfini Dövlət Gömrük Komitəsi, Amerika tərəfini isə Daxili Təhlükəsizlik Departamentinin Gömrük və Sərhəd Mühafizəsi Xidməti ilə Birləşmiş Ştatlar Mühacirət və Gömrük İdarəsi təmsil edir. Bu, həmin strukturların arasında sorğuların verilməsi mexanizminin tətbiqi vasitəsi ilə yaranmış problemlərin həllinə xidmət edən bir sənəddir. Bu sənəd Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da müzakirə olunub, onun həm iqtisadi, həm də siyasi mahiyyəti yüksək dəyərləndirilib. Komissiyamızın üzvləri bu sənədə yekdilliklə səs veriblər. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 13.14 dəq.)
Lehinə    94
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Sazişinin (Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsinin) təsdiq edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, son illərdə Azərbaycanda nəqliyyat sektoru inkişaf edir, onun strukturu təkmilləşir, Azərbaycanda yeni yolların çəkilməsi ilə əlaqədar olaraq irimiqyaslı layihələr həyata keçirilir.

Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması da məhz bu istiqamətdə atılan çox dəyərli addımlardan biridir. Yolun uzunluğu 88,8 kilometrdir. Bu layihənin qiyməti 61 milyon ABŞ dollarıdır. Maliyyə mənbəyi Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Azərbaycan Hökumətidir. Bu saziş Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərində yerləşən Səudiyyə İnkişaf Fondunu təmsil edən fondun rəhbərliyi ilə Azərbaycan hökuməti arasında bağlanmışdır.

Saziş preambuladan, 7 maddədən ibarətdir. Sazişdə 3 cədvəl və müqavilənin ümumi şərtləri göstərilmişdir. Kredit məlumatları 2-ci maddədə öz əksini tapmışdır. Fond borc sazişinin izah edilmiş və ya istinad edilmiş şərtlərinə uyğun olaraq borcalana 48 milyon Səudiyyə rialı məbləğində kredit vəsaiti ayırmağa razılaşıb. Bu maddədə kredit vəsaitlərindən istifadənin son müddəti, faiz dərəcələri, ödəmə tarixləri ayrıca göstərilmişdir. 1-ci cədvəldə kredit vəsaitlərinin çıxarılması göstərilir. 2-ci cədvəl layihənin təsviridir, 3-cü cədvəldə isə borcun çıxarılması göstərilir. Kredit müqaviləsində təsdiq olunan ümumi şərtlər bu cür kredit ayrılmasını nəzərdə tutan hər hansı bir kredit müqaviləsində tətbiq edilir.

Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması, şübhəsiz ki, Azərbaycanın nəqliyyat sektorunda bir sıra problemlərin həllinə imkan verəcəkdir. Səudiyyə İnkişaf Fondu bu yolun 50 kilometr hissəsinin yenidən qurulmasının maliyyələşdirilməsi üçün 13 milyon ABŞ dolları, yəni 48 milyon 750 min Səudiyyə rialı məbləğində vəsait ayıracaq. Bu vəsaitin tikinti-quraşdırma işlərinə sərf olunması nəzərdə tutulmuşdur. Kreditin geri qaytarılması faizi 2, kreditin müddəti 5 il güzəştli olmaqla 20 ildir. Hazırda yolla əlaqədar böyük işlər görülür və yolun 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Dünya standartlarına uyğun olaraq sazişdə hər iki tərəfin məsuliyyəti, öhdəlikləri öz əksini tapmışdır. Millət vəkillərindən xahiş edirəm ki, bu vacib sazişə öz müsbət münasibətlərini bildirsinlər.

Sədrlik edən. Sağ olun. Gültəkin Hacıyeva.

G. Hacıyeva. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi hamımız tərəfindən sevinclə qarşılanıb. Çünki bu layihə həm iqtisadi, həm siyasi, həm də sosial əhəmiyyətə malikdir. İlk növbədə bu, İpək Yolu adlanan böyük bir layihənin tərkib hissəsi kimi nəzərdən keçirilir. İpək Yolunun bir hissəsi artıq çəkilir və hazırda Kürdəmir rayonu ərazisində ciddi işlər həyata keçirilir.

Yevlax–Gəncə avtomobil yolunun yenidən qurulması isə Yevlax, Goranboy və Gəncə ərazisini əhatə edəcəkdir. Goranboy rayonundan seçilmiş və tez-tez həmin bölgəyə səfər edən bir millət vəkili kimi bilirəm ki, oranın yolu çox acınacaqlı bir vəziyyətdə idi. Bu yolun yüksək Avropa standartlarına uyğun yenidən bərpa edilməsi nəinki mühüm geostrateji əhəmiyyətə malikdir, bu həm də Azərbaycanın Gürcüstana və Gürcüstan vasitəsi ilə Türkiyəyə çıxışını da daha etibarlı və təhlükəsiz edəcəkdir. Eyni zamanda, bu yol regionların sosial-iqtisadi inkişafına da mühüm bir töhfədir. Bu baxımdan Yevlax–Gəncə avtomobil yolunun yenidən qurulması layihəsinin uğurla həyata keçirilməsini, İpək Yolunun mümkün qədər qısa bir müddətdə Azərbaycan vətəndaşlarının istifadəsinə verilməsini arzulayıram. Bu saziş komissiyamızın bütün üzvləri tərəfindən çox yüksək dəyərləndirilib və dəstəklənib. Sağ olun.

Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən var? Vasif Əliyev.

V. Əliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bu sazişin təsdiq olunmasına tərəfdaram, bu çox mühüm addımdır. Biz yolların infrastrukturunun artırılması barədə Nəqliyyat Nazirliyinə müraciət etmişik və xahiş etmişik ki, çoxsaylı seçicilərin xahişini nəzərə alaraq orada bir asfalt zavodu tikilsin. Bizim müraciətimiz cavabsız qalıb. Bu nə vaxt həyata keçəcək?

İkinci, ümumi daxili məhsulun artırılmasından ötrü 2-3 əsas istiqamətdə strateji əhəmiyyətli yolların çəkilməsinin vacibliyini də məktubda göstərmişik. Bunlar nə vaxt yerinə yetiriləcək? Mən Nəqliyyat Nazirliyindən xahiş edirəm ki, bizim müraciətimizə cavab verilsin. Sağ olun.

Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.

S. Rüstəmxanlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Yol çəkilişi ilə əlaqədar bağlanan bu cür sazişlər dəstəklənməlidir. Bundan əvvəl də bu tipli sazişlər olub, hamısı da normal qəbul edilib. Azərbaycanda yolların inkişafı, yenidən qurulması sahəsində son illərdə xeyli iş görülüb. Amma məni narahat edən bir məsələ var. Təəssüf ki, xeyli kredit cəlb etməklə salınan yolların keyfiyyəti aşağıdır. Neçə ildir ki, Bakı–Ələt yolu tikilir. Bir tərəfi tikilir, o biri tərəfi sökülür. Ələt–Kürdəmir və Gəncə–Yevlax yolları çox pis vəziyyətdədir və bu yolların tezliklə düzəldilməsində hamımız maraqlıyıq.

Amma məni maraqlandıran bir şey var. Gəncə ilə Şəmkir arasında çox keyfiyyətli bir yol çəkilib. Amma Ələt–Qazıməmməd arasındakı yol ikitərəflidir. Bu necə olacaq? Yevlax–Gəncə yolu da bir yol olacaq? Beynəlxalq standartları nəzərə alırıqsa, onda bu yol Ələtdən başlayaraq Qazaxa kimi tək istiqamətli, yəni paralel yol olmalıdır. Əvvəlki ilkin layihə nəyə görə sonradan pozulub? Bunun cavabını bilən varsa, xahiş edirəm, cavab versin.

Sədrlik edən. Yəqin, Cavid müəllim bu sualın cavabını bizdən daha yaxşı bilər. Cavid müəllimə söz verək, bu suallara aydınlıq gətirsin. Cavid Qurbanov, buyurun.

C. Qurbanov. Hörmətli millət vəkilləri, bu məsələlərə dəstək verdiyinizə görə hamınıza təşəkkür edirəm. Vasif müəllim soruşdu ki, asfalt zavodları nə vaxt gəlir? Mən nəzərinizə çatdırmaq istəyirəm ki, bir zavodun hazırlanması üçün, heç olmasa, bir ay vaxt lazımdır. Biz onların sifarişlərini vermişik. Həmin zavodun biri artıq Naxçıvan şəhərindədir. 3 ayın içində Azərbaycana 14 asfalt zavodu gələcək, onun biri də Astara rayonuna veriləcək. Zavod saatda 50 ton, gün ərzində 500 ton asfalt istehsal edir. Astaranın asfaltlanması üçün bu kifayətdir.

İndi isə Sabir müəllimin suallarına cavab vermək istəyirəm. Ümummilli liderimiz Bakıdan Ələtə qədər olan yolu tikdirəndə onun parametrlərini şəxsi təşəbbüsü ilə 50 metrdən götürüb. Bu yol Bakı şəhərinə həm cənubdan, həm də qərbdən girişi təmsil edir. Ola bilsin ki, gələcəkdə bu yol genişləndirilsin. Amma bu yola xüsusi olaraq elə bir maliyyə ayrılmayıb. Biz Nəqliyyat Nazirliyinin daxili imkanları və büdcənin hesabına bu yolun bərpası ilə məşğul olmuşuq. Amma İsrail dövləti ilə artıq danışıqlar yekunlaşır. Yəqin ki, bu günlərdə kredit sazişini imzalayacağıq. Bakı–Ələt yolunun yenidən qurulması onun asfaltlanması demək deyil. Onun atributları – xətləri, işıqlandırılması yüksək səviyyədə olacaq.

Sabir müəllim, ikinci sualınıza gəldikdə isə deyim ki, əvvəllər birinci dərəcəli yolu tikmək üçün bizim dövlətimizin imkanı yox idi. Bunu xarici banklardan tələb edirdik. Bizə həvəslə kredit vermək istəyən az idi. Həm də yolu tikəndə intensivlik məsələsi gözlənilməlidir. Hesablanmalıdır ki, birinci dərəcəli yollarda saatda neçə maşın keçməlidir? Onun əsasında pul ayırırlar. Ona görə də ayırmayıblar. Amma hamınız bilirsiniz ki, indi imkanlarımız artıb. Cənab Prezidentin tapşırığı ilə o layihələri işləyirik və yaxın vaxtlarda müzakirənizə çıxaracağıq. Birinə Koreyada qol çəkildi, qalan hissəsi də Azərbaycan hökumətinin özünün hesabına çəkiləcək. Yaxın günlərdə bu məsələlər həll olunacaqdır. Sağ olun.

Sədrlik edən.
İnşallah. Başqa çıxış eləmək istəyən varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda buyurun, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 13.27 dəq.)
Lehinə    93
Əleyhinə    1
Bitərəf    0
Səs verməd    0
İştirak edir    94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir. Buyurun.

Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna əlavənin edilməsi zərurəti təxminən bir ay bundan əvvəl “Prokurorluq haqqında” Qanuna etdiyimiz əlavədən irəli gəlir. Belə ki, etdiyimiz əlavəyə əsasən ixtisaslaşmış məhkəmələrdən biri də Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu oldu və Naxçıvan Muxtar Respublikasında Hərbi Prokurorluq yaradıldı. Təbii ki, bu, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının tərkib hissəsinə daxil olmaq şərtilə həyata keçirilir. Məhz buna görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna əlavə edilməsi təklif olunur. Bu əlavə “prokurorluq işçisinin həvəsləndirilmə qaydası” və “prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası” ilə bağlıdır və Naxçıvan Muxtar Respublikasının hərbi prokuroruna verilən səlahiyyətlərdir. Təbii ki, bu səlahiyyətlər müəyyən həddə həll etmə ilə, yəni kiçik ədliyyə müşaviri səviyyəsinə qədər həvəsləndirmə və intizam məsuliyyətinə cəlb etmə ilə bağlıdır. Bu əlavə qanunvericiliyimizin dəqiqləşdirilməsinə xidmət edir və ona görə hesab edirəm ki, bu, qəbul edilməlidir. Sağ olun.

Sədrlik edən. Aydındır. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 13.29 dəq.)
Lehinə    92
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini Elton Məmmədov, buyurun.

E. Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini.

Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Ölkəmiz hüququn bütün sahələrində olduğu kimi, ekologiya sahəsində də beynəlxalq hüquqa, Avropanın ətraf mühit standartlarına sürətlə inteqrasiya edir. Bunun əyani nümunəsi olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə bu qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Məsələ burasındadır ki, biz bu qanunu 1998-ci ildə qəbul etmişik. 2001-ci ildə isə Azərbaycan Beynəlxalq Bazel Konvensiyasına qoşulub. Bazel Konvensiyasına qoşulandan sonra möhtərəm Prezidentimiz həm Bazel Konvensiyasının ekspertlərinə, həm də müvafiq icra hakimiyyətlərinə, hökumət və qeyri-hökumət təşkilatlarına qanunun uzlaşması ilə əlaqədar müəyyən tapşırıq vermişdir. Bu istiqamətdə işlər görülüb və təqdim edilən əlavə və dəyişikliklər də məhz adı gedən qanunun beynəlxalq konvensiya ilə uzlaşması ilə əlaqədardır. Bu, birbaşa ətraf mühitlə və insan sağlamlığı ilə bağlıdır. Ona görə də hesab edirik ki, bu çox önəmli məsələdir. Bazel Konvensiyasına qoşulandan sonra müəyyən müvafiq mərkəzi icra hakimiyyətləri yaranıb. Bu əlavə və dəyişikliklər qəbul ediləndən sonra Nazirlər Kabineti müəyyən normativ hüquqi aktlar qəbul edəcək və qanunun işləmə mexanizmi daha mükəmməl olacaq. Beləliklə, qanunun daha təkmil variantı yaranacaq və o, qeyd etdiyim beynəlxalq konvensiyanın müddəaları ilə uzlaşacaqdır. Ona görə xahiş edirik ki, hörmətli millət vəkilləri bu əlavə və dəyişikliklərə səs versinlər. Sağ olun.

Sədrlik edən. Sağ olun. Sabir müəllim, çıxış eləmək istəyirsiniz?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən.
Buyurun.

S. Rüstəmxanlı. Bilirsiniz, ekologiya, xüsusən istehsalat və məişət tullantıları bizim taleyimizi daim təhlükədə saxlayan məsələdir. Son vaxtlar tez-tez rayonlara getmişəm. Rayonlardan Bakıya dönəndə elə bilirsən ki, cənnətdən zibilxanaya qayıdırsan. Burada oturanlar məni bağışlasınlar, bu sözü deməliyəm. Son vaxtlar qatarla gedənlər azalıb. Dəmiryol vağzalından Ələtə kimi qatarla gedin və pəncərədən ətrafa baxın. Axı Bakıya o yolla gəlib-gedirlər. Orada nələr, hansı zibilxanalar, nə cür yamaqlar var. Bunu Hacıbala müəllimə demək lazımdır. Zəhmət çəksin, o yolla getsin, Bakının küçələrini asfaltladığı kimi o yolun ətrafını da təmizləsin. Bu çox mühüm məsələdir. Vaxtilə Xruşşov gələndə onun sualına cavab veriblər ki, burada donuz saxlayırıq. O da paltarları göstərib və soruşub ki, donuzlar paltar yuyub sərirlər? Təxminən o cür donuzxanalar dəmir yolu boyunca uzanıb gedir. Bunlar təmizlənməlidir. Hər tərəf məişət tullantıları və polietilen torbalarla doludur. Bunun haqqında düşünmək lazımdır. Çox istərdim ki, əlaqədar təşkilatlar bu məsələni nəzərə alsınlar. Sağ olun.

Sədrlik edən. Sağ olun. Daha kim çıxış eləmək istəyir? Çıxış eləmək istəyən yoxdur. Onda buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 13.34 dəq.)
Lehinə    92
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Aqrar siyasət daimi komissiyasının üzvü Ərəstun Cavadova söz verilir. Buyurun.

Ə. Cavadov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü.


Sağ olun. Məlumat vermək istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsini rəhbər tutaraq “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir. Qanun layihəsində “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun torpaq bazarının obyektləri və subyektlərindən bəhs edən 4-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “girov haqqında” sözləri “ipoteka haqqında” sözləri ilə, “girov” sözünün isə “ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur. Bu dəyişikliklər 2005-ci ildə qəbul edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi və “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi ilə əlaqədardır. Odur ki, mövcud qanunvericilikdə “girov” sözü “ipoteka” sözü ilə əvəz olunur. Aqrar siyasət daimi komissiyası qanun layihəsinin Milli Məclisdə qəbul edilməsini məqsədəuyğun hesab edir. Qeyd etmək istəyirəm ki, belə bir dəyişiklik eyni qaydada Azərbaycan Respublikasının Torpaq Məcəlləsində də edilmişdir. Hesab edirəm ki, qanun layihəsini qəbul etmək olar. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Nə təklif var? Yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.


Səsvermənin nəticələri    (saat 13.36 dəq.)
Lehinə    92
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Eyni zamanda, gündəlikdə Azərbaycan Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında, Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi haqqında məsələlər var. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə söz verilir. Arif müəllim, hamısı barədə məlumat verərsiniz, səsverməni ayrı-ayrı keçirərik. Sonuncu məsələ barədə həmin komissiyanın üzvü Əhəd Abıyev məlumat verəcək. Arif müəllim, buyurun.

A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.

Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! 2006-cı ildə Ağdam rayonunun məcburi köçkünləri üçün Tərtər rayonunun ərazisində qəsəbə yaradılıb. Bu əhali Ağdam rayonundan olduğu üçün qarşılıqlı dəyişmə nəticəsində qərar qəbul olunub ki, Ağdam rayonundan Tərtər rayonuna 283,3 hektar torpaq verilsin. Bunun müqabilində Tərtər rayonundan da 283,3 hektar torpaq Ağdam rayonuna verilir. Qanun layihəsində bu kəndlərin adı verilib. Ağdam rayonunun Nəmirli kəndinin ərazisindən 203,3 hektar, Tağıbəyli kəndinin ərazisindən 80 hektar torpaq verilir. Həmin sahələr Tərtər rayonunun aşağıdakı kəndlərinə verilir: Qazyan kəndinin ərazisinə 144,5 hektar, Səhləbad kəndinə 58,8 hektar, Həsənli kəndinə 80 hektar. Ağdam rayonunun inzibati ərazisinə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndindən 78,5 hektar, Qazyan kəndinin ərazisindən 100 hektar, Səhləbad kəndinin ərazisindən 58,8 hektar, Həsənli kəndinin ərazisindən 46 hektar torpaq verilir. Bu dəyişdirilən torpaqlar heç kəsin mülkiyyətində deyil, dövlət fondundadır. Odur ki, burada heç bir mübahisə, narazılıq yoxdur. Məsələyə komissiyada baxılıb və Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Növbəti məsələ Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqındadır. Nəzərdə tutulur ki, Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli, Hacıalılı kəndi İkinci Hacallı, Mehdili kənd inzibati ərazi dairəsi tərkibindəki Xanagahlı kəndi Xanağalı kəndi adlandırılsın.

Mircəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndinin Qarağacı kəndi adlandırılması nəzərdə tutulur.

Təklif olunur ki, Satırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılsın.

Zümürxaç kənd inzibati ərazi dairəsi tərkibindəki Zümürxac kəndinin Zümürxan kəndi, Zümürxaç kənd inzibati ərazi dairəsi Zümürxan kənd inzibati ərazi dairəsi adlandırılması nəzərdə tutulur. Bu, Bərdə rayonu ilə əlaqədardır.

Üçüncü məsələ Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır. 3 kənd və 3 qəsəbə ərazi vahidinin yaradılması nəzərdə tutulur. Aşıqalılar kənd inzibati ərazi vahidinin, Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidinin və Orta Əlinəzərli kənd inzibati ərazi vahidinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, Əlinəzərli kənd inzibati ərazi dairəsi Əlinəzərli inzibati ərazi vahidi hesab olunur.

Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılır və Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilir. Yeni Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq həmin qəsəbə mərkəz olmaqla Yeni Mil qəsəbə inzibati ərazi vahidi yaradılır. Milabad qəsəbə inzibati ərazi dairəsinin Milabad qəsəbə inzibati ərazi vahidi hesab olunması nəzərdə tutulur.

Nəhayət, gündəlikdəki 4-cü məsələ Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ilə bağlıdır. Qanun layihəsində bir kənd və bir qəsəbə inzibati ərazi dairəsi yaradılması nəzərdə tutulur. Bilirsiniz ki, Ağdam rayonunun mərkəzi hazırda Quzanlı kəndidir. Quzanlı kəndinin xeyli əhalisi var və bütün dövlət təşkilatları hal-hazırda Quzanlı kəndində məskunlaşıb. Buna görə Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən İmamqulubəyli və Çullu kəndləri ayrılır, İmamqulubəyli kəndi mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılır.

Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilir, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilir. Bu məsələlərin hamısına komissiyada baxılıb və qanunda nəzərdə tutulan bütün qaydalar gözlənilibdir. Hesab edirik ki, qanunlar qəbul oluna bilər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Müzakirəyə başlayırıq. Elmira Axundova.

E. Axundova. Çox sağ olun. Mən bu qanun layihəsinə səs verəcəyəm. Bütün deputatları da buna dəvət edirəm. Amma mən bir neçə cümlə Ərkivan kəndi ilə bağlı demək istəyirəm.

Sədrlik edən. Üzr istəyirəm, hələ Ərkivan kəndi ilə bağlı müzakirə aparmırıq. Bu barədə məlumat veriləndə sonra onu müzakirə edə bilərik. Söhbət Arif müəllimin məruzə elədiyi məsələlərdən gedir. Nizami Xudiyev.

N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən Arif müəllimin çıxışına və növbəti dəyişikliklərə diqqətlə qulaq asdım və doğrudan da, inzibati ərazi bölgüsündə bu cür dəyişikliklərə ehtiyac olduğuna görə Arif müəllim onlar haqqında məlumat verdi. Bizim bunlara qətiyyən etirazımız yoxdur. Çünki o, sistemlə, quruluşla, kəndin ərazi və yaşayış şəraiti ilə bağlı olan məsələlərdir. Lakin burada Bərdə rayonunun bəzi kəndlərinin adlarının dəyişdirilməsi ilə əlaqədar müəyyən təkliflər irəli sürülüb. Mən bunları, doğrudan da, başa düşə bilmədim. İndi yəqin ki, Arif müəllim deyəcək ki, nə üçün belə ediblər? Məsələn, Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndinin adını dəyişib Cicimli ediblər. Bu, eyni şeydir. Bunlar səs dəyişməsi, səs təqlidi ilə əmələ gələn adlardır. Belə bir kənd Laçın rayonunda da var. İndi Cimcimli adını təzədən Cicimli etmək nə yenilikdir, nə kəşfdir, mən onu başa düşə bilmirəm. Bir hərfə görə maliyyə-büdcə sənədlərində bu qədər dəyişikliklərə ehtiyac varmı?

İkinci, Hacıalılı kəndi İkinci Hacallı adlandırılır. Bu adamın adı Alıdır. Yəni Əli adının türkləşmiş forması Alıdır. Onun da əvvəlinə bir “Hacı” sözü qoşublar. Yer adı olduğuna görə Hacıalılı olubdur. İndi o Alını götürüb ediblər İkinci Hacallı. Bu nədir?

Sədrlik edən. Burada söhbət Hacı və Alıdan gedir. Bəlkə iki sait yanaşı gəldiyi üçün belə ediblər.

N. Xudiyev. Yox-yox. “I” ilə “a” hərfləri yanaşı olanda tələffüzdə biri düşə bilər. Ancaq bunları yazıda da ixtisara salıblar.

Sədrlik edən.
Üzr istəyirəm. Məsələn, Əliabbas demirlər, Əlabbas deyirlər.

N. Xudiyev.
Əksinə, samit artırıblar, Hacallı ediblər. Bu, Siz deyən formada deyil. Sonra, Mehdili kənd inzibati ərazi dairəsi tərkibindəki Xanagahlı kəndi Xanağalı olubdur. Qarahacı kəndi də Qarağacı kəndi adlandırılıb. Yəni bu ad özlüyündə mövcud idi: Qarahacı. Bunu dəyişiblər. Ağhacı, Bozhacı başa düşüləndir. Ancaq bu Qarağacı nə addır? Satırlı kənd inzibati ərazisində Nəzirli kəndi var. Çox gözəl səslənir. Bu kəndin adını dəyişib İkinci Nazırlı ediblər. Bir “zır” da artırıblar. Nəzirlinin tələffüzü də gözəldir.

Sonra, burada əsas dəyişməni aparmayıblar. “Zümürxaç” adında “xaç” sözü var. Zümürxaç kənd inzibati ərazi dairəsi tərkibindəki Zümürxaç kəndi Zümürxan kəndi adlandırılır. Lap yaxşı. Ancaq yenə inzibati ərazi dairəsinin adını dəyişməyiblər. Zümürxaç Zümürxaçlığında qalıb. Kəndin adını dəyişiblər, ancaq inzibati ərazinin adını dəyişməyiblər. Bu xaçı dəyişirsənsə, elə ikisində də dəyiş. Bu səs dəyişməsi birbaşa Arif müəllimlə bağlı olan məsələ deyil. Bu, dilçilərin, tarixçilərin tədqiqatı ilə bağlı olan məsələlərdir. Burada səslənmədə müəyyən uyğunsuzluqlar var. İmkan dairəsində bu işi bir az sistemli şəkildə aparmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən.
Təşəkkür edirəm. Məlumat üçün bildirim ki, Toponimiya komissiyasının sədri hörmətli akademik Budaq müəllim iclasda iştirak edir. Yəqin ki, o da bu məsələlərlə bağlı izahat verəcək. İndi isə istərdim ki, Bərdə rayonundan seçilən deputatlarımız da bu məsələlərlə əlaqədar fikirlərini bildirsinlər. Amma növbədə Cəmil müəllimdir. Buyurun.

C. Həsənli. Bu ad dəyişikliklərinə çox qısa şəkildə münasibət bildirmək istəyirəm. Əvvəla, təqdim olunan qanun layihəsində bir çox məsələlər var ki, dəyişdirilməsi zəruridir. Mən hesab edirəm ki, komissiya çox haqlı olaraq bunları müzakirəyə çıxarıbdır. Respublikanın inzibati ərazi quruluşunda gedən proseslərlə bağlı olaraq bu dəyişikliklərin böyük bir hissəsi məqsədəuyğundur. Ancaq bununla bərabər, artıq bir sıra mahiyyət dəyişiklikləri nəticəsində yeni yer adları əmələ gəlir. Hər bir toponimik göstərici əsrin müəyyən qatlarından süzülüb gələn adlardır və bunlar dünya səyyahlarının əsərlərində, müxtəlif dövrlərdə çəkilən xəritələrdə yer alıbdır. Heç bir zərurət olmadan bu adların dəyişdirilməsi məqsədəuyğun deyil.

İndi Nizami müəllim dedi ki, cimcimli ilə cicimli elə eyni şeydir. Mənə elə gəlir ki, bunlar ayrı-ayrı şeylərdir. Bu cimcimlinin arxasında duran söz tutumu başqadır, cicimlidə başqa. Yeri gəlmişkən, Azərbaycan şifahi xalq ədəbiyyatında “cimcimli” ifadəsi dəfələrlə işlədilib. “Cicim” sözü isə bəzi regionlarda ana mənasında işlənir. Bəzi rayonlarda bu, toxunma cecim mənasında işlədilir. Burada bütövlükdə yaşayış məntəqəsinin adı dəyişdirilir. Mənə elə gəlir ki, buna getmək olmaz.

İkinci mübahisə doğuran məsələ “Qarahacı” ilə “Qarağacı” arasında olan fərqdir. Burada da mahiyyət, bütövlükdə ad dəyişikliyidir. “Qarahacı” ilə “Qarağacı” tamam ayrı-ayrı şeylərdir. Zərurət nədən irəli gəlir? Əgər zaman-zaman bu yaşayış məntəqəsi Qarahacı adı ilə tanınıbsa və sənədlərdə də bu formada əks olunubsa, indi bunu Qarağacı eləməyin nə mənası var? Mən hesab edirəm ki, bu Nəzirlinin Nazırlı olması da məqsədəuyğun deyil. Bu xırda istisnalarla təqdim olunan qanun layihəsinə səs vermək olar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Zahid Orucov.

Z. Orucov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən ilk növbədə Sizə təşəkkür edirəm. Siz sözdəki saitlərə münasibət bildirərkən təkcə hüququ yox, eyni zamanda, filologiyanı da peşəkar bildiyinizi göstərmiş oldunuz. İrəli sürülmüş təkliflər mənim təmsil etdiyim dairə ilə bağlı olduğu üçün və bir 6 aylıq prosesin necə çətinliklə gəlib bu mərhələyə çatdığını gördüyüm üçün istəyirəm bəzi məsələlərə aydınlıq gətirəm.

Birinci deyəcəyim məsələ adların dəyişdirilməsi ilə bağlıdır. Bundan sonra bununla bağlı ciddi qanun qəbul edəcəyik. Burada tarixilik, millilik prinsiplərinin qorunması və daha başqa parametrlər nəzərə alına bilər. Bu, heç kəs tərəfindən inkar olunmur. Amma 90-cı illərdə bu geniş bir dəb halını almışdı və hamı istəyirdi ki, az qala öz adını yaşadığı kəndə versin. Amma indiki halda bu, dəbdən irəli gələn məsələ deyil. Mən bunu siyasiləşdirmək üçün və ya AXC hakimiyyətinin bəlası kimi qələmə vermək istəmirəm. 1992-ci ildə Prezident Aparatının müvafiq şöbəsindən göstəriş olub ki, rayonda olan kəndlərin adları ilə bağlı möhürlər yenidən işlənəcək. Nəticədə bunların bir qismində texniki xətalardan irəli gələn səhvlər baş verib. Məsələn, heç vaxt həmin regionda “cimcimli” sözü olmayıb. Başabəla, bir az da qulaqda müxtəlif effektlər doğuran bu söz “cicimli” şəklində olubdur. Bir “m” hərfi artırılıb. Hörmətli Nizami müəllim emosiya ilə deyir ki, bir “m” hərfinin nə dəxli var ki? İnsanların hər birinin adına bir dənə “m” hərfi artırsaq, görün nə baş verər? Mənim aləmimdə bu, bir hərf məsələsi deyil. Bu, ciddi, köklü bir səhvdir. Camaat da buna etiraz edir. Möhürlərdə də belə gedir və camaat bundan utandığını bildirir. Biz də bu dəyişikliyi edirik. Qarağacı kəndi ilə bağlı burada sual səsləndi. Bu ad nə hacı, nə onun rəngi ilə bağlıdır. Bu, Qarağacı şəklində olub. Bu kəndin 70 yaşlı sakini də bilir ki, kəndin adı belə olub. Hörmətli Gövhər xanım da, yəqin ki, məndən sonra bu barədə fikirlərini bildirəcək. Yəni bu kəndlərin heç birinin adı yenidən qondarılmır.

Deyirlər ki, Nəzirli adı var, qoyun qalsın. Onsuz da biz nəzirə uyğunlaşmaya həddindən artıq meyilliyik və istəyirik ki, bunu da Nəzirli edək. Bu, Nazırlıdır. İndi bu nə ilə bağlıdır, onu yalnız tarixi mənbələrə istinad edib demək olar. Hörmətli Nizami müəllim, Siz Zümürxaçla bağlı deyirsiniz ki, inzibati ərazinin adı dəyişdirilib, amma kəndin adı dəyişdirilməyib. Hər ikisi dəyişdirilib. Ona görə də mən hesab edirəm ki, bunların hər biri zərurətdən irəli gəlir.

Hörmətli Ziyafət müəllim, nəzərinizə çatdırım ki, bələdiyyələr bununla bağlı sənədlərini hazırlayıblar, amma möhür ala bilməyiblər. Buna görə də onlar maliyyələşdirməni apara bilmirlər. Bu problem 5 kənddə ciddi bir bəlaya çevrilib. Ona görə də mən hesab edirəm ki, bunlar mübahisə doğurmayan məsələlərdir və biz qanun layihəsinə səs verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Gövhər Baxşəliyeva.

G. Baxşəliyeva. Sağ olun. Mən də hesab edirəm ki, təqdim olunmuş dəyişikliklərlə tam razılaşmaq olar. Çünki burada milliliyi, tarixi qoruyub saxlamağı nəzərə alsaq, bu prinsiplər qorunub saxlanılır. Sadəcə, burada bəzi dəyişikliklər aparılır ki, onlar da o qədər prinsipial xarakter daşımır. Bu dəyişikliklər, əlbəttə ki, yerli əhalinin arzu və istəklərini nəzərə almaqla aparılıbdır. Biz yerli əhalinin arzusunu dəstəkləməliyik.

Cimcimli kəndinin adı Cicimli ilə əvəz olunur. Məncə, burada “m” hərfinin düşməsi ilə elə bir böyük dəyişiklik olmur, bununla razılaşmaq olar. Ziyafət müəllim, mən o kəndləri bir-bir gəzmişəm. Bu adlardan bəziləri də mənim dairəmə daxil olan kəndlərə məxsusdur. Orada yerli əhali deyir ki, sadəcə, biz və uşaqlarımız utanırıq. Biz istəyirik ki, kəndimizin adı azərbaycanlılar üçün tam aydın olsun.

Burada göstərilir ki, Hacıalı kəndi İkinci Hacallı kəndi adlandırılsın. Məsələ bundadır ki, Bərdədə başqa Hacallı kəndi var. Bunlar da istəyirlər ki, İkinci Hacallı kəndi olsun. Yaxud da götürək Nəzirli kəndinin adını. Bərdədə Nazırlı kəndi var. Artıq bərdəlilərin qulaqları bu ada öyrəşibdir. Bu kəndlər dəyişik düşməsin deyə təklif olunur ki, bu kənd İkinci Nazırlı adlansın.

Sonra, istəyirlər ki, Xanagahlı kəndinin adı hamımız üçün anlaşıqlı olan Xanağalı sözü ilə əvəz edilsin. Məsələn, mən bilirəm ki, Qarahacı kəndinin camaatı, onların uşaqları istəmirlər ki, vəsiqələrində “Qarahacı” adı yazılsın. Ona görə də kəndlərini Qarağacı adlandırmağı arzulayıblar. Onların istəyini nəzərə alaraq təqdim olunmuş dəyişiklikləri dəstəkləməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən.
Təşəkkür edirəm. Mən bayaq qeyd etdim, hörmətli Budaq müəllim iclasda iştirak edir. Budaq müəllimə söz verək, fikrini desin. Buyurun.

B. Budaqov, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru.

Rayonlardan gələn məktublara çox diqqətlə, elmi əsaslarla yanaşırıq və eyni zamanda, camaatın istək və arzusunu yerinə yetiririk. Ona görə də bu dəyişikliklərdə elə bir qəbahət yoxdur. Kiçik dəyişikliklər də həm elmi baxımdan, həm də xalqın tələbi baxımından daha düzgündür. Mənə belə gəlir ki, bizim təqdim elədiyimiz coğrafi adları olduğu kimi təsdiq etmək olar. Özü də burada çox böyük dəyişikliklər yoxdur. Bu coğrafi adları parçalayıb hərəsini bir yerə ayırmaq da mənə elə gəlir ki, etikadan kənardır. Sağ olun.

Sədrlik edən. Təşəkkür edirəm. Nizami müəllim, buyurun.

N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən öz fikrimi dedim. Hörmətli Budaq müəllim də buradadır, o fikir belə idi ki, Azərbaycanın hər bir rayonunda bu cür ad dəyişdirmələrə ehtiyac var. Burada çıxış edənlər dedilər ki, bir hərf dəyişir, bu çox ciddi məsələ deyil. Ancaq çox ciddi olmayan bu dəyişmə Azərbaycanın bütün rayonlarında var və mövcuddur. Biz bir bölgədə bu dəyişməni apardıq. Onda lazımdır ki, Azərbaycanın bütün rayonlarında bu cür kiçik dəyişmələri aparaq. Burada dedilər ki, adı dəyişəndə nə olar? Əlbəttə, o adı dəyişəndən sonra inqilab baş vermir, dünya dəyişmir, müharibə olmur. Ancaq bir şey var. Burada maliyyəçilər əyləşib, onlar yaxşı bilirlər ki, bir adın, sistemin dəyişməsi nə qədər maliyyə uyğunsuzluğu əmələ gətirəcək. Elmi əsası və fundamental səbəbi olmaya-olmaya bu cür dəyişmə aparmağın heç bir ziyanı yoxdur. Mən etiraz etmirəm, qoy dəyişilsin. Ancaq yenə də deyirəm, bu cür faktlar bütün rayonlarda var. Biz hər iclasda bunları müzakirə etməliyik. Sağ olun.

Sədrlik edən. Sağ olun. Arif müəllim, buyurun.

A. Rəhimzadə. Mən çıxış edənlərin hamısına minnətdarlığımı bildirmək istəyirəm. Belə təkliflər çox daxil olur və mən Nizami müəllimin narahatlığını başa düşürəm. Komissiya çalışır ki, çox nadir hallarda bu dəyişikliklərə getsin. Burada iki məsələ var. Birinci, bizim fikir vermədiyimiz bəzi adlar yerli əhali üçün təhqiredici məna daşıyır. Misal üçün, götürək elə “cimcimli” sözünü. İnsanlar istəmirlər ki, onların kəndləri belə adlandırılsın. Digər əsas məsələ də bundan ibarətdir ki, son dəfə bu kəndlərin adları təsdiq olunanda, möhürlər düzəldiləndə səhvlərə yol verilib. Fikirləşiblər ki, Nazırlıdansa, Nəzirli daha oxunaqlıdır və sair. Əlbəttə, bunu etmək olmazdı. Ancaq bu kəndin əsl adı “Nazırlı” olubdur. Hal-hazırda belə bir kənd var. Nəyə görə biri Nazırlı olsun, digəri Nəzirli? Mən hamınıza minnətdarlığımı bildirirəm və xahiş edirəm ki, qanun layihələrini səsə qoyaq. Sağ olun.

Sədrlik edən. Sağ olun. Səsvermədən əvvəl bir məsələni aydınlaşdırmalıyıq. Saat 2-dir, fasilə vaxtıdır. Gündəlikdə isə 3 qanun layihəmiz qalır. Biz iclasa davam edək, yoxsa fasilədən sonra işləyək?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən.
Deməli, davam edirik. Onda xahiş edirəm, 12-ci məsələyə – Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 14.05 dəq.)
Lehinə    86
Əleyhinə    2
Bitərəf    0
Səs verməd    0
İştirak edir    88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Xahiş edirəm, Azərbaycan Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr     (saat 14.06 dəq.)
Lehinə     90
Əleyhinə     0
Bitərəf     0
Səs vermədi     0
İştirak edir     90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Xahiş edirəm, Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 14.07 dəq.)
Lehinə    87
Əleyhinə    0
Bitərəf    1
Səs verməd    0
İştirak edir    88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Xahiş edirəm, Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 14.07 dəq.)
Lehinə    89
Əleyhinə    1
Bitərəf    1
Səs verməd    0
İştirak edir    91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələnin – Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Regional məsələlər daimi komissiyasının üzvü Əhəd Abıyevə söz verilir.

Ə. Abıyev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.


Sağ olun. Əvvəla, bir məlumatı nəzərinizə çatdırım. Rusiya dövlət başçısının sərəncamı ilə hörmətli şeyx həzrətlərinə “Dostluq” ordeni verilib. Mən bütün həmkarlarım adından və şəxsən öz adımdan şeyx həzrətlərini ürəkdən təbrik edirəm, ona can sağlığı arzu edirəm.

Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Birmənalı olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin Bakı şəhərinin ətraf qəsəbələri ilə yanaşı, respublikanın bölgələrinə, rayonlarına səfərləri unudulmaz tarixi hadisələrlə yaddaşlara həkk olunur və yerlərdə əhali inkişafın yeni dövrünü yaşayır. Məlum olduğu kimi, Azərbaycan Respublikası ildən-ilə sosial-iqtisadi cəhətdən inkişaf edir, möhkəmlənir, əhalinin rifah halı durmadan yaxşılaşır. Bu inkişaf regionların sosial-iqtisadi həyatında özünü aydın göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən uğurlu siyasət insanların məişətinə, gündəlik fəaliyyətinə çox güclü təsir göstərir. Bu gün nəinki rayon mərkəzləri, hətta kəndlərimiz də gündən-günə böyüyür, genişlənir, abadlaşır. Belə bir şəraitdə kəndlərimizin qəsəbələrə, qəsəbələrimizin isə şəhərlərə çevrilməsi təbii hal sayılmalıdır. Çünki bütün işlərin icrası birbaşa olaraq ölkə başçısının nəzarətindədir.

Müzakirənizə təqdim olunan Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi haqqında qanun layihəsi bu məqsədə xidmət edir. Ərkivan kəndi əhalisinin sayına görə, demək olar ki, respublikamızın ən böyük yaşayış məntəqəsidir. Ərkivan 1500 ildən çox tarixi olan qədim bir kənddir. Vaxtı ilə bu kəndə Nadir şah, Şah Abbas gəlib. Şah İsmayıl Xətai bu kənddə olmuş, adına su quyusu qazdırılmışdır. Hazırda rayon əhalisi bu yararlı, pak sudan istifadə edir.

Kəndin ərazisi 2294 hektardan artıq olmaqla 13 məhəlləni, 3765 ev təsərrüfatını əhatə edir. Əhalisinin sayı 16146 nəfərdir, torpağı məhsuldar və bərəkətlidir. Ərazidə 4 orta, 1 əsas məktəb, mədəniyyət evi, 4 kitabxana, sağlamlıq mərkəzi, 2 feldşer-mama məntəqəsi, poçt, uşaq bağçası, yanacaq və qaz doldurma məntəqələri, qaz paylayıcı stansiya, 4 kərpic, 5 çörəkbişirmə, 2 makaron, 1 şəkər, 1 mineral su qablaşdırma sexi, 2 un dəyirmanı, Seyid Sadıq ziyarətgahı, 9 məscid, 3 stadion, idman meydançaları, istirahət mərkəzləri, bir sözlə, qəsəbə statusunun verilməsi üçün bütün infrastruktur vardır. Kəndin əmək qabiliyyətli əhalisi kənd təsərrüfatının bütün sahələrində, habelə sənaye, ticarət, istehsal xidmətləri sahəsində, dövlət qurumlarında və təhsil ocaqlarında çalışırlar. Ərkivan kəndinin əhalisi ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkə Prezidentinin daxili və xarici siyasətinə daim dəstək vermişlər və bundan sonra da qüvvə və bacarıqlarını bu uğurlu siyasətin dəstəklənməsinə sərf edəcəklər.

Ərkivan kəndinə qəsəbə statusunun verilməsi ilə əlaqədar yerli əhali müvafiq orqanlara, eləcə də mənə müraciət etmiş, təkliflərinin həyata keçirilməsini xahiş etmişlər. Bu müraciətlər nəzərdən keçirilmiş, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Ərkivan kəndinə qəsəbə statusu verilməsi barədə kənd bələdiyyəsi 15 mart 2007-ci ildə qərar qəbul etmişdir. Bununla əlaqədar kənd ərazi nümayəndəliyi 19 mart 2007-ci ildə rayon icra hakimiyyəti qarşısında vəsatət qaldırmışdır. Masallı Rayon İcra Hakimiyyətinin 16 aprel 2007-ci il tarixli iclasında həmin məsələ müzakirə edilmiş, Ərkivan kəndinə qəsəbə statusunun verilməsi məqsədəuyğun hesab edilərək Azərbaycan Respublikasının Milli Məclisinə vəsatətlə müraciət olunmuşdur. Lazımi sənədlər qanunauyğun tərtib edilərək Milli Məclisə göndərilmişdir. Mən Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusu verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini sizin müzakirənizə verirəm və bu məsələyə hamının səs verməsini xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Çox geniş, ətraflı məlumat verdiniz. Ərkivan çox qədim kənddir, amma açığı, mən Ərkivan kəndinin bu qədər infrastruktura malik olduğunu bilmirdim. Ərkivan elə şəhərə layiq imiş, nəinki qəsəbəyə. Mən təklif edirəm, Əhəd müəllimin bu çıxışından sonra məsələni müzakirəsiz səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 14.14 dəq.)
Lehinə    87
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    0
İştirak edir    87
Nəticə: qəbul edildi

Sağ olun, yekdilliklə qəbul edildi.

Növbəti məsələ “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədədir. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.

H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.

Sağ olun. Minnətdaram, Ziyafət müəllim. “Dərman vasitələri haqqında” Qanunun tətbiqi ilə bağlı iki qanunda qismən dəyişiklik etmək lazımdır. Bu, qanun yaradıcılığı texnikası baxımından vacib bir addımdır. Biz “Dərman vasitələri haqqında” Qanunda birbaşa qeyd etdik ki, dərman vasitələrinin reseptli və reseptsiz reklamı qadağandır. Ona görə də “Reklam haqqında” Qanunda və “Televiziya və radio yayımı haqqında” Qanunda bu öz əksini tapmalıdır. Arayış deputatlara paylanıb. Xahiş edirəm, qanun layihəsinə səs verin.

Sədrlik edən. Sağ olun. Bu məsələ İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarında da müzakirə olunub. Heç bir etiraz yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 14.16 dəq.)
Lehinə    81
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    4
İştirak edir    85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Nəhayət, axırıncı məsələnin - Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə keçirik. Regional məsələlər daimi komissiyasının üzvü Fəzail İbrahimli, buyurun.

F. İbrahimli, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.

Sağ olun, Ziyafət müəllim. İşin axırı olduğunu və həmkarlarımın yorğunluğunu nəzərə alaraq vaxtınızı almadan istərdim ki, bir neçə kəlmə ilə qanun layihəsini təqdim edim. Birləşmiş Millətlər Təşkilatında Coğrafi adların standartlaşması üzrə xüsusi ekspert qrupu işləyir. Bu ekspert qrupuna daxil olan ölkələrdən biri də Azərbaycandır. Sovetlər birliyi dağıldıqdan sonra məhz Azərbaycanın, Rusiyanın, Ukraynanın təklifi ilə belə bir ekspert qrupu, Orta Asiya, Şimali Qafqaz üzrə bir təşkilat yaradılıb. Azərbaycan bura üzv ölkə olduğu üçün belə bir qanunun müzakirəyə təqdim edilməsi vacibdir fikrinin mahiyyəti qanunun ayrı-ayrı maddələrində açıqlanıb. Hesab edirəm ki, bu, Azərbaycan üçün digər ölkələrdən daha ciddi əhəmiyyətə malikdir.

Bir misalla fikrimi yekunlaşdırmaq istəyirəm. Hal-hazırda “Naqornıy Qarabaq” ifadəsi az qala beynəlxalq statusa malik olmaq üzrədir. Məhz bu qanunun qəbul edilməsi, Birləşmiş Millətlər Təşkilatının ekspert qrupunda bunun qəbulu, artıq bu adın Azərbaycan dilində ifadəsi, beynəlxalq status alması kiminsə, hansı ölkəninsə fərdində bu məsələyə müdaxilənin qarşısını alır. Məhz bu mənada qanun zəruridir.

Qanun 12 maddədən ibarətdir. Burada bütün məsələlər işçi qrupu tərəfindən çox aydın şəkildə öyrənilib, bir sıra təcrübələr nəzərə alınıb. Azərbaycanın tarixi, milli tələbləri nəzərə alınmaqla belə bir qanun layihəsi sizin müzakirənizə verilib. Birinci oxunuşdur. Hesab edirəm ki, işin sanbalını, hüquqi və elmi tərəfini artıra bilən hər bir təklifə hörmətlə yanaşılacaqdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Müzakirəyə keçməzdən əvvəl bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Birinci oxunuş olduğuna görə qanun layihəsi maddə-maddə yox, konseptual cəhətdən müzakirə olunacaq. Xahiş edirəm, maddələrin detallarına çox varmayaq. Qanun layihəsinin ümumi mahiyyəti, konsepsiyası, lazım olub-olmaması haqqında danışaq. Məjlum Şükürov.

M. Şükürov. Sağ olun. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, həqiqətən də, təklif olunan qanun layihəsi çox aktualdır, konseptual baxımdan heç kimdə şübhə yaratmayacaq və biz bunu birinci oxunuşda qəbul edəcəyik. Bu bütün dövlətlərin və xalqların tarixində, gündəlik həyatında müstəsna əhəmiyyəti olan bir qanundur. Xüsusən də gənc dövlətlər və Azərbaycan kimi ərazisi və coğrafi adları təcavüzə məruz qalmış bir ölkə üçün bu qanun ikiqat aktualdır.

Mən bir neçə maddə haqqında qısaca fikrimi bildirmək istəyirəm. Qanun layihəsinin birinci oxunuşu olduğu üçün detallara varmayacağam. 1.0.1-ci maddədə coğrafi obyektlər sadalanır. Əgər bu maddədə, ümumiyyətlə, onların hamısını sadalamaq iddiasındadırlarsa, nəzərinizə çatdırım ki, bir çox coğrafi obyektlər kənarda qalmışdır. Məsələn, burada faydalı qazıntı yataqları, mineral bulaqlar göstərilməyib. Ona görə də hesab edirəm ki, maddənin axırında “və digəri” sözü əlavə edilməlidir. 1.0.4-cü maddədə “müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilinin normalarına uyğunlaşdırılması” yazılıb. Mənə elə gəlir, bu qanunda biz çox ehtiyatlı olmalıyıq. Məsələyə tarixilik, millilik baxımından yanaşmaq lazımdır. Hər hansı bir ərazidə məskunlaşan əhalinin dilini nəzərə almaqla biz coğrafi obyektin adını dəyişməliyikmi? Dağlıq Qarabağı geri qaytarandan sonra yerli təşəbbüslə Stepanakert adına qayıdacağıq? Bu maddə mütləq bir daha korrektə olunmalıdır. 1.0.5-ci maddədə “ekzonim” sözü işlənir. Əgər bu da coğrafi obyektlərin bir anlayışı kimi verilirsə, mən sonradan mətndə o anlayışa rast gəlmədim. Bunu xüsusi ilə qeyd etməyə nə ehtiyac var?

7.7-ci maddədə yenə də ərazidə yaşayan xalqların dili ilə bağlı məsələ qaldırılır. Bizdə dövlət dili Azərbaycan dilidir. Əgər rəsmi sənədlərdən söhbət gedirsə, ərazidə yaşayan insanların dilinin ora aidiyyəti yoxdur. Bütün bu sənədlər Azərbaycan dilində, rəsmi dövlət dilində yazılmalıdır.

7.8 və 7.9-cu maddələrdə “dövlət dilindən” sözlərindən əvvəl “ilk sətirdə Azərbaycan dili yazılmaqla, başqa dillərdən də istifadə olunsun” sözləri əlavə edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.

A. Mirzəzadə. Çox sağ olun, Ziyafət müəllim. Hesab edirəm ki, kifayət qədər vacib və diqqəti cəlb edəcək qanun layihəsini müzakirə edirik. Coğrafi obyektlərin adları məsələsi, sadəcə olaraq, coğrafiya məsələsi deyil, bu, eyni zamanda, xalqın yaddaşıdır, bizim tariximizdir, bizim müəyyən adlarla, sima ilə dünya birliyinə çıxmağımızın prinsipləridir. Bu baxımdan çox ümid edirəm ki, qəbul etdiyimiz bu qanun coğrafi obyektlərin adları məsələsində, həqiqətən, dövlət siyasətinin əsas rolunu oynasın. Layihənin birinci oxunuşu göstərir ki, işçi qrup bu məsələnin məsuliyyətini dərk edib və ciddi surətdə bunun üzərində işləyib. Burada qoyulan bütün prinsipial məqamları müdafiə edirəm.

Bununla belə, bir neçə təklif vermək istərdim. Birincisi, mən istərdim ki, bu qanun ancaq Azərbaycan Respublikasının ərazisində olan coğrafi adlara aid edilməsin. Ümumən Azərbaycana aid olan tarixi yerlərin adı məsələsi də diqqətə götürülsün. Yəni indi Ermənistan adlanan qədim İrəvan torpağında Azərbaycanın tarixi-coğrafi adları qalıb. Həmin adları tarixdən silə bilmərik. Bu, həmin adların qorunması üçün, tarix və gələcəyimiz üçün vacib məsələdir.

Digər tərəfdən, bir sıra xarici ölkələrin, onların paytaxtlarının, hətta xalqların adları Azərbaycan xalqının dilinə həmin xalqın vasitəsi ilə deyil, digər xalqın dili vasitəsi ilə daxil olur. Ona görə də qəribə səslənir. Məsələn, Portuqaliya özünü Portugiz adlandırır, biz onu başqa dillərin vasitəsi ilə Portuqaliya adlandırırıq. Bu baxımdan hesab edirəm ki, çox böyük təhrifə yol veririk. Əgər xalq özünü necə adlandırırsa, biz başqa xalqların onu necə adlandırmasından asılı olmayaraq o cür də adlandırmalıyıq.

Digər bir nümunə. İndi bizim Kipr kimi dilimizə daxil olan coğrafi ad orada yaşayan türklərin dilində Kıprıs adlanır. Nədənsə biz ona dili və eyni zamanda, təfəkkürü bizə yaxın olan türklər kimi Kıprıs demirik, onu başqa xalqların dedikləri kimi Kipr adlandırmaqda davam edirik. Mən hesab edirəm ki, bu məsələlərə də aydınlıq gətirilməli, bu və ya digər şəkildə qanunda öz əksini tapmalıdır. Coğrafi adların kataloqu hazırlanmalıdır. Bunun üzərində ciddi iş getməli, çox məsuliyyətli və nüfuzlu işçi qrup yaradılmalıdır. Bunun hazırlanmasında bəlkə də ictimaiyyətin iştirakını da təmin etmək lazımdır. Sonradan coğrafi adların qorunub saxlanılmasında, mübahisəli məsələlərdə həmin kataloqa istinad olunmalıdır.

Coğrafi adların dəyişdirilməsinə ehtiyatla yanaşmalıyıq. Çox təəssüf ki, bizdə coğrafi adların dəyişilməsi məsələsi dalğavari şəkildə gedir. Məsələn, əgər bir müddət həmin tarixi adların sovetləşdirilməsi prosesi gedirdisə, indi isə ondan əks tərəfə, amma bununla belə, müəyyən qüsurlarla bir dalğa gedir. Həmin dalğa isə ondan ibarətdir ki, son dövrlərdə coğrafi adların təhrif olunmuş formasını qəbul etməyə yaman meyilliyik. Məsələn, onun qrammatik yazılışı bir tərəfdən təhrif olunmuş formasına gedir. Yaxud da hər hansı bir məsələdə alimlər artıq öz fikrini deyib. Hesab edirəm ki, həmin adların dəyişdirilməsi Milli Məclisdən əvvəl ictimaiyyətdə müzakirə edilməlidir. Bu məsələ barəsində maraqlı tərəflərin arqumentləri həm ictimaiyyətə, həm də bizlərə təqdim edilməlidir. Bu baxımdan təqdim edilən qanunun qəbulu olduqca aktualdır, olduqca yerində olan bir məsələdir. Qanun layihəsinin ikinci oxunuşunda, şübhəsiz ki, daha konkret təkliflər olacaq. Sağ olun.

Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.

G. Əhmədov. Təşəkkür edirəm. Ziyafət müəllim, hörmətli deputatlar! Coğrafi obyektlərin adları haqqında qanun layihəsi bugünkü reallıqdan irəli gəlir. Respublikamız müstəqillik qazandıqdan sonra xalqımızın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektlərin adları ilə əlaqədar müəyyən dəyişikliklər həyata keçirilmişdir. Deyərdim ki, bu dəyişikliklərə ehtiyac var idi, lakin bu dəyişikliklərin bəzilərində yanlışlığa yol verildi. Hətta elə kəndlər var ki, bu gün onların qeydiyyatı da, adı da yoxdur. Bizim dədə-baba yurdumuz olan Qərbi Azərbaycanda təcavüzkar Ermənistan xalqımızın tarixi, mədəni irsi olan coğrafi adların hamısını dəyişdirdi. Bu dəyişiklikləri Qarabağda, hətta utanmadan Şuşa kimi bir yerdə də apardılar. İnanıram ki, adların dəyişdirilməsindəki saxtakarlığa yaxın günlərdə son qoyulacaq.

Hesab edirəm ki, bu qanun qüvvəyə mindikdən sonra coğrafi adların dəyişdirilməsi, uçotu və qorunması sahəsində fəaliyyətin hüquqi əsasları tənzimlənəcəkdir. Qanunun 4-cü maddəsində göstərilən coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması hesab edirəm ki, bu işdə böyük rol oynayacaq, bəzi məqamlara aydınlıq gətiriləcəkdir. Biz Milli Məclisdə vaxtaşırı belə məsələlərə baxırıq, hətta bu gün inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələni müzakirə elədik. Belə məsələlərdə müvafiq icra hakimiyyəti orqanı təqdimat verməlidir ki, bu coğrafi adı dəyişmək olar, ya olmaz? Onda heç bir yanlışlığa, səhvə yol verilməz. Layihədə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı coğrafi adların lüğətini, xəritə və atlaslarını hazırlayıb nəşr etdikdən sonra təhrif edilmiş adların dəyişdirilməsinə və düzəlişinə baxmaq olar. Yerlərdə xeyli təhrif olunmuş kənd adları mövcuddur, çox böyük işlər görülməlidir. 200 il Rusiya kimi dövlətin tərkibində olmuş ölkəmizdə bu gün rus dilində olan coğrafi adlar mövcuddur. Bu qanun qəbul olunduqdan sonra həmin adların dəyişdirilməsi vacibdir. Hesab edirəm ki, Regional məsələlər daimi komissiyası qanunun üzərində mükəmməl işləmişdir və mən qanun layihəsinin lehinə səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Buyurun, Astan müəllim.

A. Şahverdiyev. Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Konkret sualım var. Qanunun bir neçə yerində “soraq” sözü yazılıb, bəlkə “sorğu kitabı” demək istəyirlər?

Sədrlik edən. Sual aydın oldu, çox sağ olun. Buyurun, Tahir Rzayev.

T. Rzayev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Coğrafi obyektlərin adları haqqında qanun layihəsi çox əhəmiyyətli bir sənəddir. Həmkarım Fəzail İbrahimlinin qanunun mahiyyəti, əhəmiyyəti haqqında ətraflı məlumatı bunu bir daha sübut etdi. Qanun layihəsi yalnız coğrafi obyektlərin adlarının dəyişdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması baxımdan əhəmiyyətli deyil, həm də milli mədəniyyətimizin öyrənilməsi üçün dəyərlidir. Çünki bir çox coğrafi obyektlər tariximizlə çox bağlıdır. Bu coğrafi adların dəqiqləşdirilib özünə qaytarılması, yaxud da onlara tariximizlə bağlı yeni adların verilməsi gələcək nəsillər üçün yaddaşdır, tarixdir.

Məlumdur ki, Azərbaycanın ərazisində yerləşən kəndlər, qəsəbələr, çaylar, göllər, bağlar və sair coğrafi obyektlərin adları dəfələrlə dəyişdirilmiş və bəzən bayağı adlarla əvəz olunmuşdur. Bu qanunun qəbul edilməsi gələcəkdə belə halların aradan qaldırılmasına lazımi köməklik göstərəcək. Həm də bu qanunun qəbul edilməsi Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının xarici dillərdə verilməsi qaydasını dəqiqləşdirəcək, normaya salacaqdır. Qanunun qəbulu ilə əlaqədar gələcəkdə coğrafi obyektlərin adlarının eyni cür və sabit işlədilməsinin təmin edilməsi, həmin adların qorunub saxlanılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən coğrafi obyektlərin adlarının dövlət kadastrının yaradılması nəzərdə tutulmuşdur ki, bu da müsbət haldır.

Coğrafi obyektlərin adları ilə bağlı dövlət proqramının hazırlanmasını da mən təqdirəlayiq hal hesab edirəm. Belə ki, coğrafi obyektlərimizin adlarının işlədilməsi Azərbaycan dilinin normalarına uyğunlaşacaq. Bu qanunun qəbul edilməsi həm də beynəlxalq əməkdaşlığın tələblərindən irəli gəlir. Deyildiyi kimi, BMT-nin müvafiq qurumları bu təşkilata üzv olan bütün dövlətlərdə coğrafi adların dəyişdirilməsi, işlədilməsi və qorunub saxlanılmasında maraqlıdır. Çünki BMT-yə üzv olan ölkələrdə nəşr edilən xəritələrdə, sorğu kitablarında və digər sənədlərdə Azərbaycanda istifadə olunan coğrafi obyektlərin adlarından və Azərbaycanın təqdim etdiyi ezonimlərdən istifadə edilməsi aydın və dəqiq olmalıdır. Bu qanun həmin normaları da özündə əks etdirir və onun hüquqi əsaslarını müəyyənləşdirir.

Demək istəyirəm ki, qanun layihəsi mükəmməl hazırlanıb. Onun hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub, MDB ölkələrinin təcrübəsi ətraflı öyrənilib. Komissiyada qanun layihəsi üzərində ciddi iş aparılıb. Orada mütəxəssislərin təcrübələri də nəzərdən keçirilib. Qanun layihəsi yığcam olsa da, ətraflıdır, birinci oxunuşun tələblərinə cavab verir və mən həmkarlarımı bu qanuna səs verməyə dəvət edirəm. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.

C. Həsənli. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, şübhəsiz ki, konseptual baxımdan qanun layihəsi birinci oxunuş üçün yararlıdır. Mən hesab edirəm ki, Azərbaycanın coğrafi obyektlərinin adlarının dəyişdirilməsi və yeni adların verilməsi həm respublikamızın beynəlxalq standartlara uyğunlaşması, həm də yer adlarımızın təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Qanunda çox mütərəqqi maddələr var, mən onların hamısını dəstəkləyirəm.

Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, bu adların eyni cür yazılmasına ilk cəhdlər 50-ci illərdə oldu və 32 yer adının rusca yazılışının azərbaycanca yazılışına uyğunlaşdırılması barədə məsələ qaldırıldı. Amma təəssüflər olsun ki, onun 6-sını qəbul elədilər, qalanını dəyişdirməyə Moskva icazə vermədi.

Qanunda mütərəqqi maddələrin olmasına baxmayaraq, Ziyafət müəllim, burada bir ciddi məsələ var. Məjlum müəllim bu məsələyə toxundu. Məsələ burasındadır ki, layihəni konseptual baxımdan müzakirə etdiyimizə görə burada məsələnin qoyuluşuna diqqət yetirilməlidir. Məsələn, götürək yer adlarının və obyektlərin müəyyən edilməsinin həmin ərazidə yaşayan əhalinin çoxluğu tərəfindən müəyyən edilməsi məsələsini. Mənə elə gəlir ki, bu, əhalinin milli maraqlarına uyğun deyil. Azərbaycan Konstitusiyasında təsbit olunmuş maddələr var. Azərbaycanda “Dil haqqında” Qanun var. Bu ifadəni işlətməmək də olardı. Qanunun o hissəsi Azərbaycanda etnik separatizmin güclənməsinə, Azərbaycanın tarixi yer adlarının ərazidə kompakt yaşayan əhali tərəfindən kütləvi şəkildə dəyişdirilməsinə gətirib çıxaracaq. Biz öz qanunumuzla müəyyən dairələrə icazə verəcəyik ki, Azərbaycanın tarixi yer adlarını və yeni yaranan obyektlərin adlarını necə istəyirlərsə o formada həll etsinlər. Mən ümid edirəm ki, bu məsələ ikinci oxunuşa qədər komissiya tərəfindən diqqətlə öyrəniləcək və onun qanun layihəsində qalıb-qalmaması məsələsi müəyyən ediləcəkdir. Çünki qanun bütünlüklə Azərbaycan Konstitusiyasının tələblərinə uyğunlaşdırılmalıdır. Sağ olun.

Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.

N. Cəfərov. Sağ olun, Ziyafət müəllim. Etiraf eləmək lazımdır ki, belə bir qanuna xüsusi ehtiyac var idi. Çünki biz artıq yer adlarının dəyişdirilməsi ilə bağlı çoxlu müzakirələr aparırıq, bəzən normal, prinsipial göstərişlər olmur. Çoxlu mübahisələr meydana çıxır, bu da tamamilə təbiidir. Bu qanun mükəmməl qanun sayıla bilməz, çünki müxtəlif suallar vermək lazım gəlir. Bunlardan birincisi budur ki, bu qanunun tam fəlsəfəsini müəyyənləşdirməliyik. Azərbaycanın öz ərazisindəki coğrafi adlar məsələsinə və yaxud da Azərbaycan Respublikasında ümumən dünyanın coğrafi obyektlərinin adlandırılması məsələsinə diqqət verilməlidir. Qanunda hər ikisi var. Təbii ki, Azərbaycanda nə okean, nə də materik yoxdur. Bu adların verilməsi artıq Azərbaycan dili və azərbaycanlıların coğrafi dünyagörüşü problemi ilə bağlıdır. Bu ikinci məsələdir. Amma bu qanunda diqqət yetirilməli əsas məsələ Azərbaycanın öz coğrafiyasında adlandırma məsələsi ilə bağlıdır. Mənə elə gəlir ki, burada prinsip belə olmalıdır; indiyə qədər mövcud olan adların dəqiqləşdirilməsi ilə bağlı heç bir iddia qəbul oluna bilməz. Bu prinsip xüsusi gözlənilməlidir və qanunda dəfələrlə qeyd olunmalıdır. Gədəbəy adının dəyişdirilməsi məsələsi ortaya çıxmışdı, kiməsə bu ad xoş gəlmirdi. Buna nə ad qoymaq olar axı? Çox nadir hallarda siyasi, ideoloji baxımdan xoş gəlmirsə, adı dəyişdirmək olar. Ad dəyişdirmək prinsipi, ümumiyyətlə, bu qanunla yumşaq şəkildə qadağan olunmalıdır və bu öz əksini qanunda tapmalıdır.

Sonra, yaxşı olar ki, mikrocoğrafi obyektlərlə makrocoğrafi obyektlər fərqləndirilsin. Çünki balaca bir təpə, bulaq adı dəyişdirilə bilər. Adətən, belə adlarda bizim etnoqrafiyamız, müəyyən tariximiz yaşayır. Amma bunlar Gəncə, Kür, Araz adı kimi o qədər dəyər daşımır ki, xüsusi ideoloji hadisə kimi götürülsün. Yaxşı olardı ki, qanunda Azərbaycanın tarixi coğrafiyasındakı adlarla bağlı yumşaq da olsa, gələcəyə yönələn maddələr olsun. Azərbaycan Cənubi Azərbaycanı, Şərqi Anadolunu, Gürcüstanın, Dağıstanın bir hissəsini əhatə eləyir. Biz oradakı adlar üçün məsuliyyət daşıyırıq. Necə ki biz dünyada yaşayan azərbaycanlılar üçün məsuliyyət daşıyırıqsa, düşünürəm ki, burada da bu məsələ olmalıdır.

Biz nəyə görə Tbilisi deməliyik? Axı bu, dilimizə yatan, tarixən müəyyənləşmiş Tiflis şəklində tələffüz olunur. Biz nəyə görə Yerevan deməliyik? Qayda-qanunla bu, İrəvandır. Belə adlar bu qanunla birbaşa təsbit oluna bilməz, amma hər halda qanunda kənar coğrafiyadakı adlandırma tariximizin texnologiyası da yaşanmalıdır. Biz heç vaxt Kıprıs deməmişik. Bu ad haqqında həmişə Kipr demişik. Amma o halda ki Tbilisi ilə Tiflis arasında, Yerevan ilə İrəvan arasında variant yoxdur, çalışmalıyıq ki, mətbuatda bu adlar işlənsin.

Sonuncu bir məsələni də deyim. Cəmil müəllim və Məjlum müəllim bu məsələni qaldırdılar. Burada separatizmdən söhbət gedə bilməz. Niyə? Biz əgər azsaylı xalqların yaşadığı coğrafiyalara türk adları vermək mövqeyindən hər hansı bir müdaxiləyə başlasaq, bu da bir separatizmdir. Bu bizim ənənəmizdir, etnik zənginliyimizdir, etnik coğrafiyamızdır. Heç zaman bizim dövlətin siyasətində bu olmayıb ki, həmin ərazilərdəki adlarda türkləşmə aparaq. Türk olaraq bizim cəmiyyətimizin əksəriyyətinin ona heç ehtiyacı da yoxdur. O adlar qalmalıdır.

Həmin maddəyə gələndə, Cəmil müəllim, mən fikirləşmirəm ki, Azərbaycanda etnik mərkəzləşmə artıq o qədər zəifdir ki, sabah həmin ərazilərdə bir coğrafi obyekt adlandırılırsa, bizim ümumi dövlətçilik prinsipindən kənar adlandırılır. Mən buna da inana bilmirəm. Amma bu şəkildə danışmaq nəticə etibarı ilə ona gətirib çıxara bilər ki, guya biz bu coğrafiyadakı hər hansı bir adın məhz türk mənşəli olmadığına görə etiraz edirik. Məsələ bu cür də qoyula bilməz. Bu qanun çox geniş müzakirə olunacaq. Ona görə ki, qanunun mətni ideoloji, hüquqi baxımdan kifayət qədər sağlamdır. Yəni burada özül, əsas qoyulub və bunun ətrafında da belə sistemli müzakirə aparmaq mümkündür. Qanun layihəsi birinci oxunuş üçün hazırdır. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.

N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun konseptual baxımdan məqbuldur və mən bunu diqqətlə oxuyandan sonra gördüm ki, qəbul etdiyimiz qanunlar içərisində bunun xüsusi yeri vardır. Qanun layihəsinin adından da göründüyü kimi, burada iki məsələyə diqqət yetirmək lazımdır. İndi Fəzail müəllim bu haqda müfəssəl məlumat verdi. Hansı coğrafi adlar? Həm ölkəmizin daxilində olan coğrafi adların, həm də Azərbaycandan kənarda olan xalqlar və onların adlandırılması. Bunlar bizim vətəndaşlarımız üçün mükəmməl və aydın olmalıdır. Aydın olmaq üçün də bunun üzərində elə işləmək lazımdır ki, bu, mübahisə yaratmasın və birbaşa obyektin adı ilə bağlı olsun.

Gizli deyil ki, Azərbaycanda çoxlu adlar dəyişdirilib. Məsələn, lap əvvəldən götürək. XIX əsrdə Rusiyanın, İranın və qardaş Türkiyənin təsiri ilə yer adlarının böyük bir hissəsi dəyişdirilib. Xüsusi ilə sovet dövründə bu adlarda elə ciddi bir siyasi dəyişmələr əmələ gəlib ki, o adların əsil formasını axtarmaq, izləmək və bərpa etmək hökmən lazımdır.

Qanunda da doğru olaraq yazılır ki, müvafiq icra hakimiyyəti bu işlə xüsusi məşğul olmalıdır. Biz bunlara tamlığı ilə inanırıq. Ancaq bizim nəyə şübhəmiz var? Bu qanun işləyəndə o məsələyə bir qədər düzgün baxmaya bilərlər. Məsələ burasındadır ki, bunlar o obyektlərə özəl adlar qoyacaqlar, məsələn, “Günəşli”, “Baharlı”, “İşıqlı” kimi öz rayonlarının əhalisinə xoş gələn adlarla adlandıracaqlar. İndi Nizami müəllim də o məsələyə çox düzgün olaraq toxundu, yerin əsl adını, əslini, kökünü nə cürdürsə, bərpa edib coğrafi ad şəklində rəsmiləşdirmək lazımdır. Unutmaq lazım deyil ki, bu, Azərbaycan Respublikasının qanunudur.

Bundan əlavə, burada gizlətməyə nə ehtiyac var? Cənubi Azərbaycanda, Ermənistanda Azərbaycan adlarının, demək olar ki, hamısı dəyişdirilib. Gizli deyil ki, Gürcüstanda olan Azərbaycan adlarının təxminən 90 faizi dəyişdirilib. Biz coğrafi adları bərpa ediriksə, bunun əslini, kökünü bərpa etməliyik və olduğu şəkildə qeyd etməliyik. Ona görə də bu qanun çox böyük əhəmiyyətə malikdir. Mən yenə də təkrar edirəm ki, bunları tapmaq, müəyyənləşdirmək və bu qanunu qəbul etmək çox böyük əhəmiyyət daşıyır. Qanun layihəsi maddə-maddə müzakirə edilən zaman biz yenə fikrimizi deyəcəyik, amma burada yazılıb ki, yol nişanları, yol xətləri Azərbaycan dilində olsun. Düzdür, orada düzgün veriblər ki, ehtiyac olanda bunu xarici dillərdə də göstərmək olar. Amma əslində, bu, Azərbaycan dilində olmalıdır. Lakin bu, 10.1-ci maddədə çox qüvvətli səslənir. Bu qanuna uyğun olaraq müəyyənləşdirilmiş coğrafi obyektlərin adlarının dövlət orqanları, yerli özünüidarə orqanları, müəssisə, idarə və təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən, habelə tədris, kartoqrafiya, soraq, ensiklopedik nəşrlərdə, elanlarda, reklamlarda, yol göstəricilərində, poçt göndərişlərində və digər sahələrdə tətbiqi məcburidir. Yəni bu, Azərbaycan Respublikasının qanunudur və qüvvəyə minəndən sonra məcburidir. Ona görə də biz bu qanunun üzərində daha dəqiq, mükəmməl işləməliyik. İkinci oxunuşda biz bunu maddə-maddə genişliyi ilə təhlil edə bilərik. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.

Y. Mahmudov. Sağ olun. Hörmətli Ziyafət müəllim, mən 3 məsələyə diqqəti cəlb etmək istəyirəm. Nizami Cəfərov çox düzgün məsələ qaldırdı ki, coğrafi adlarla bağlı qanun qəbul edərkən biz sabitliyi, tarixi ənənələri qoruyub saxlamalıyıq. Mən qabaqcadan deyim ki, bu çox mükəmməl hazırlanmış qanun layihəsidir. Onu hazırlayanlara və bu barədə məlumat verən Fəzail müəllimə minnətdarlığımı bildirirəm. Bu qanun bizim xalqımızın tarixi, gələcəyi üçün çox gərəkli olacaqdır. Ona görə də bir neçə müddəanı burada qeyd etmək istəyirəm. Bu qanunda biz çalışmalıyıq ki, coğrafi adların dəyişdirilməsinə yol açılmasın. Gələcəkdə maddə-maddə müzakirə aparılan zaman mən fikirlərimi bildirəcəyəm.

Coğrafi adlar min illərin tarixini keçib gəlib və bir müvazinət yaranıb. Biz onun dəyişdirilməsinə yol açsaq, elə bir hərc-mərclik yaranar ki, onun öhdəsindən gələ bilmərik. Qanunun maddələrində biz onu təkrarlamalıyıq ki, yeri gəldi-gəlmədi, coğrafi adlar dəyişdirilməsin. Nizami Xudiyev dedi, bizim tariximiz çox təhrif olunub, qonşu ölkələrdə adların hamısı dəyişdirilib. Dağıstan tərəfdə çox dəyişdirilib, Cənubi Azərbaycanda əksəriyyəti dəyişdirilibdir. Ona görə də biz tarixi terminləri Azərbaycan dilinə uyğun olaraq işlətməliyik və buna müvafiq olaraq da qanuna bir maddə salmalıyıq.

Biz Almaniya deyirik. Almaniya alman qəbiləsinin adıdır, fransızlar, türklər belə deyir, özləri isə tamam başqa cür adlandırırlar. Öz tarixi adlarımızla bağlı biz bu prinsipi götürməliyik. İndi Ermənistanda adlarımızın hamısı dəyişdirilib. Biz elə etməliyik ki, o ərazi ilə bağlı tarixi adlarımızı işlədək, gələcək nəsillərə yadigar qoyaq. Biz bu gün dəyişdirilən adları işlətməməliyik və Göyçə deməliyik. Nə üçün biz Sevan deməliyik? İstərdik ki, bu prinsipial cəhət qanunda öz əksini tapsın. Rusiyanın işğalından sonra yerlərimizə əhali köçürülüb və tarixi adlarımız dəyişdirilib. Burada qeyd olunmalıdır ki, biz gələcəkdə o adların bərpasına getməliyik. Bəzilərini - Cəbrayıl, Gəncə, Biləsuvar kimi tarixi adlarımızı bərpa etmişik, amma hələ belə adlarımız çox qalıb. Yəni adlar dəyişdirilərkən Azərbaycan xalqının tarixi keçmişinə, tarixi adların bərpasına diqqət verilməlidir.

Nəhayət, coğrafi adların Azərbaycan Respublikasının müvafiq ərazisinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilinə uyğun dəyişdirilməsi məsələsinə toxunmaq istəyirəm. Məncə, 7.4 və 7.7-ci maddələrə ehtiyac yoxdur, bunlar çıxarılmalıdır. Müvafiq adlar dəyişdirilərkən tarixi ənənələrə əhəmiyyət verilməlidir, obyektivlik nəzərə alınmalıdır və sair. Bunun əvəzinə belə bir ümumi maddə daxil etmək olar. Amma bu çoxluq məsələsi da xatalı anlayışdır. Bizim bir çox başqa məsələlərimizdə olduğu kimi, burada da müəyyən məqsədlər həyata keçirilə bilər. Çox ərazilərimiz var, hamısının tarixi demoqrafiyasını işləmişik. XVIII, XIX əsrlərdə kütləvi şəkildə bura əhali köçürülüb və bizim tarixi adlarımızın yerinə başqa adlar qoyulubdur. Orada çoxluq təşkil edirlər, amma buna baxmayaraq, tarixi adlarımız dəyişdirilib. Bu 2 maddə bizim tarixi adlarımızın dəyişdirilməsinə yol açır. Bütövlükdə bu çox vacib qanundur, yaxşı işlənib və işləyənlərə də minnətdarlığımı bildirirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, hesab edirəm ki, kifayət qədər sanballı müzakirə apara bildik. Fəzail müəllim, yəqin, qeydlər aparmısınız. Söz demək istəyirsiniz?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən.
Buyurun.

F.İbrahimli. Sağ olun. Bütün fikirlərə görə çox sağ olun. Təbii ki, burada hamı o məqsədi güdür ki, yaxşı bir qanun kimi qəbul edilsin. Amma mən həmkarlarımdan xahiş edərdim ki, növbəti müzakirədə bir məqamı xüsusi diqqətə çəksinlər. Coğrafi obyektlərin adları haqqında qanunda diqqət çəkən bir məqam mütləq nəzərə alınmalıdır. Bu nədən ibarətdir? Coğrafi obyektlər deyəndə xarakterinə görə onları bir neçə növə bölmək olar, təbii coğrafi obyektlər, inzibati ərazi obyektləri, nəqliyyat obyektləri və sair. Biz burada sıralamamışıq. İnzibati ərazi quruluşuna daxil olan məsələlər bizim təqdim etdiyimiz bu qanun layihəsindən tamamilə uzaqdır. Bir az bundan əvvəl müzakirə etdiyimiz kənd, yer adları və sair bu qanunun mahiyyətinə, fəlsəfəsinə daxil deyil. İnzibati ərazi dəyişikliyi ilə bağlı bizim ayrıca qanunumuz var. Bu günə qədər kənd adlarının, yer adlarının dəyişdirilməsinin və bir az bundan əvvəl müzakirə etdiyimiz məsələlərin müzakirəsi həmin qanun çərçivəsində aparılır. O qanun bu qanundan kənar...

Sədrlik edən. Mən üzr istəyirəm, Fəzail müəllim, Siz burada yazmısınız axı. Coğrafi obyektlərin anlayışında rayonlar da, kəndlər də, şəhərlər də gedir.

F. İbrahimli. Orada qeyd olunur ki, həmin o obyektlər xüsusi inzibati ərazi dəyişikliyi ilə bağlı qanunlar əsasında aparılır. Bu qanun isə daha böyük mahiyyət kəsb edir və qeyd etdiyim kimi, məqsəd ondan ibarətdir ki, Azərbaycanda coğrafi adların katoloqu yaradılır. Burada tamamilə doğru fikirlər irəli sürüldü. Ziyafət müəllim, ikinci oxunuşda biz bunu aydınlaşdıracayıq. Maraqlı fikirlər irəli sürüldü ki, coğrafi adları dəyişdirmək olmaz. Bu qanun tamamilə o fəlsəfədən uzaqdır. Məsələ dəyişdirmək yox, mövcud adlarımızı sistemləşdirmək, standartlaşdırmaq, beynəlxalq tələblərə uyğunlaşdırmaq və Birləşmiş Millətlər Təşkilatının Şərqi Avropa və Yaxın və Orta Asiya üzrə Ekspertlər Şurasında təsdiq etməkdir. Bundan sonra heç kimin hünəri çatmayacaq ki, bu adlara yaxın getsin. Bu qanunun aliliyi bundan ibarətdir. Hesab edirəm ki, növbəti müzakirədə deyilən bütün məsələlər xırdalığı ilə nəzərə alınacaqdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr    (saat 14.57 dəq.)
Lehinə    97
Əleyhinə    0
Bitərəf    0
Səs verməd    2
İştirak edir    99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız başa çatdı. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU