07.02.2006 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR
II SESSİYASI İCLASININ
PROTOKOLU № 6
Mill Məclisin iclas salonu.
7 fevral 2006-cı il. Saat 12.
Mill Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 95 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Azərbaycan Respublikası Mərkəz Seçki Komissiyasının
üzvlüyünə və əvəzedic üzvlüyünə namizədlər
M. Pənahov.
S. Qasımova.
F. Cavadov.
R. İbrahimov.
V. Kazımova.
Q. Orucov.
T. Həsənov.
İ. Məmmədov.
N. Məmmədov.
N. Nadirov.
A. Tağıyev.
T. Cəfərova.
R. İsmayılov.
Z. Ağayev.
S. Hümbətov.
N. Adilov.
* * *
Ə.Nağıyev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
E.Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri.
İ.İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri.
Ç.Əliyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri.
R.Mürşüdov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında.
2. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
3. Dövlət sosial müavinətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Dövlət sosial müavinətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
7 fevral 2006-cı il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Üçüncü çağırış Milli Məclisin növbədənkənar sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
(Alqışlar.)
Hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 80
Yetərsay 83
Kimlər səs verə bilmədi? Yetərsay var. Hörmətli deputatlar, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə görə, Milli Məclisin növbədənkənar sessiyası azı 42 deputatın tələbi ilə çağırılır. Üçüncü çağırış Milli Məclisin 62 deputatı mənə müraciət etmişdir ki, bir sıra məsələlərə, yəni Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması haqqında, Əmək pensiyaları haqqında, Dövlət sosial müavinətləri haqqında qanun və qərar layihələrinə baxılması üçün Milli Məclisin növbədənkənar sessiyası çağırılsın.
Bununla əlaqədar olaraq 2006-cı il fevralın 3-də mən Mill Məclisin növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam qəbul etmişəm.
Bu gün bizim ilk qərarımız növbədənkənar sessiyanın gündəliyinin təsdiq edilməsi haqqında olmalıdır. Gündəlik sizə paylanıb. Gündəliyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Gündəlik qəbul edildi. Çox sağ olun. Gündəliyin birinci məsələsinin – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması haqqında məsələnin müzakirəsinə başlayırıq.
Hörmətli deputatlar, Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Qanunun 2-ci maddəsində müəyyən olunmuşdur ki, seçki komissiyalarının təşkil edilməsinin yeni qaydası 2005-ci ildə seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci iclası günü qüvvəyə minir.
Odur ki, biz bu il mayın 13-də Milli Məclisə təkrar seçkilərin təyin edildiyini də nəzərə alaraq, Mərkəzi Seçki Komissiyasını Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq formalaşdırmalıyıq. Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası Milli Məclis tərəfindən 18 üzvdən ibarət tərkibdə seçilir. Komissiyanın 6 üzvü seçkilərdə çoxluq qazanmış partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir və onlar tərəfindən təqdim olunur.
Müstəqil deputatlar tərəfindən Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlərin 4 nəfəri birbaşa təqdim edilir. 1 namizəd seçkilərdə çoxluq qazanmış partiyanın nümayəndələri ilə, 1 namizəd isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.
Bunlar Seçki Məcəlləsinin tələbləridir, lakin Milli Məclisə seçilmiş siyasi partiyalar ilə və digər deputatlarla məsləhətləşmələr nəticəsində belə qərara almışıq ki, hələlik Mərkəzi Seçki Komissiyası tam tərkibdə formalaşdırılmasın.
2005-ci il 6 noyabr seçkilərindən sonra Milli Məclisin 115 deputatının mandatı təsdiq olunmuşdur. 10 seçki dairəsi üzrə seçkilərin nəticələri isə Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi tərəfindən etibarsız sayılmışdır. Mayın 13-də həmin dairələrdə təkrar seçkilər keçiriləcəkdir. Bu seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının formalaşması başa çatacaqdır. Nə qədər ki Milli Məclisin bütün tərkibi formalaşmayıb, Mərkəzi Seçki Komissiyasını tam tərkibdə formalaşdırmaq düzgün olmazdı.
Milli Məclisdə çoxluq təşkil edən partiya artıq müəyyən olmuşdur. Bu, Yeni Azərbaycan Partiyasıdır. Bu partiya Mərkəzi Seçki Komissiyasının tərkibinə mümkün olan 6 nümayəndəsini təqdim etmişdir.
Üçüncü çağırış Milli Məclisdə 41 nəfər müstəqil deputat vardır. Artıq onların tərkibi də, demək olar, formalaşmışdır. Bu səbəbdən onlar 6 namizəddən 5-ni təqdim etmişlər. 4 nəfərin namizədliyi birbaşa, 1 nəfərin namizədliyi isə seçkilərdə çoxluq qazanmış partiya ilə razılaşdırılaraq verilmişdir.
Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tam formalaşmadığına görə azlıqla razılaşdırılan namizəd bu ilin may ayında keçiriləcək seçkilərdən sonra müəyyənləşdiriləcəkdir.
Elə bu səbəbdən də Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar hələlik 2 namizədin seçilməsini qərara almışlar. Qalan 4 üzv isə may seçkilərindən sonra seçiləcəkdir.
Beləliklə, biz bu gün Mərkəzi Seçki Komissiyasını hələlik 13 üzvdən ibarət tərkibdə təşkil edəcəyik. Bu, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti üçün kifayət edən tərkibdir. Çünki azı 12 üzvü seçildikdən sonra Mərkəzi Seçki Komissiyası səlahiyyətlidir və öz işinə başlaya bilər.
Eyni zamanda, nəzərinizə çatdırım ki, Mərkəzi Seçki Komissiyasının əsas üzvlərindən başqa, əvəzedici üzvləri də seçilməlidirlər. Hazırda Yeni Azərbaycan Partiyası tərəfindən 2 namizəd, bitərəflər tərəfindən 1 namizəd verilmişdir.
Biz bu gün 13 əsas üzvü və 3 əvəzedici üzvü seçməliyik. Bu qərarı həyata keçirmək üçün Milli Məclisin razılığı tələb olunur. Bununla əlaqədar kim çıxış etmək istəyirsə, xahiş edirəm, buyursun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən hesab edirəm, bu gün gündəliyə çıxarılan Mərkəzi Seçki Komissiyasının formalaşdırılması məsələsi respublikanın ictimai-siyasi həyatında ən aktual problemlərdən biridir və siyasi dairələr arasında uzun müddətdir, müzakirə olunan məsələdir. Hələ 2003-cü ildə Seçki Məcəlləsi müzakirə olunanda biz təklif edirdik ki, bu məcəllədə MSK-nın azlıq, çoxluq, bitərəf anlayışından daha çox bərabər paritet əsasında formalaşdırılmasından söhbət getsin. Çox təəssüflər olsun ki, o zaman Seçki Məcəlləsində bu məsələlər nəzərə alınmadı və məcəllə indiki redaksiyada qəbul olundu.
Bu gün Seçki Məcəlləsinə görə Mərkəzi Seçki Komissiyasının tərkibi azlıq, çoxluq və bitərəflərdən formalaşır. Amma mən Seçki Məcəlləsi müzakirə olunan zaman da demişdim, indi bir daha deyirəm, bitərəflərin parlamentdə hüquqları kifayət qədər çoxdur və bitərəflər say etibarilə də Yeni Azərbaycan Partiyasında sonra ikinci olsalar da, sabah yerlərdə dairə və məntəqə seçki komissiyalarını formalaşdırmaq imkanları çox məhduddur. Bu gün bitərəf adı ilə seçilən millət vəkillərinin yerlərdə heç bir siyasi təşkilatı, heç bir qurumu yoxdur. Sabah onlar dairəyə, məntəqə seçki komissiyalarına nümayəndələrini təyin etməyin hansı formalarını müəyyənləşdirəcək və necə müəyyənləşdirəcəklər? Bütün bunlar sonda çox ciddi problemlər yaradacaq və nəticə etibarilə Mərkəzi Seçki Komissiyasının da, dairənin də və məntəqə seçki komissiyalarının da fəaliyyətini şübhə altına salan bir formada həyata keçiriləcək. Belə təsəvvür yaranacaq ki, icra hakimiyyəti orqanları məntəqəyə və dairəyə bitərəf adı ilə öz nümayəndələrini təqdim eləyirlər.
Yeni Azərbaycan Partiyası ilə danışıqlarda, dialoqlarda bitərəflərin hər zaman eyni siyasəti dəstəkləyən azlıq kimi təqdim olunması bir az qanunun fəlsəfəsinə ziddir. Ortada nə alınır? Əgər bitərəf anlayışı və çoxluq anlayışı varsa, biri iqtidardır, biri müxalifətdir, bunlardan heç birində təmsil olunmayanlar bitərəfdir. Demək, 6 nəfər də yalnız müxalifətdən təyin olunmalı idi. Çox təəssüf ki, bu prinsiplərdə bunu da biz gözləmirik.
Amma müsbət hallardan biri budur ki, 2006-cı il may ayının 13-də təkrar seçkilər keçiriləcək və Milli Məclis tam şəkildə formalaşacaq. Doğrudan da, bu elə partiyalar ola bilər ki, Məclisdə təmsil olunmasın, amma may seçkilərindən sonra tamamilə yeni bir mənzərə yaransın, 10 dairə kifayət qədər böyük saydır və yeni partiyalar da təmsil olunsun. Ona görə də mən hesab edirəm ki, tam şəkildə formalaşmanın əsası bu şəkildə var. Amma mən hesab edirəm ki, azlıq bütövlükdə saxlanılmalı idi. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də elə hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması bu gün həm ölkə ictimaiyyətinin, həm siyasi dairələrin, həm də beynəlxalq qurumların diqqət mərkəzində dayanan problemlərdən birinə çevrilib və biz məcburuq ki, uzun müddət bu parlamentdə və ya parlamentdən kənarda seçki komissiyaları ətrafında aparılmış polemikaların ayrı-ayrı məqamlarını bir daha xatırladaq, o cümlədən beynəlxalq dairələrin paritet istəyi ilə bağlı müraciətlərinin reallığını ölçək, habelə məcəllədəki bir sıra yayğın, qeyri-müəyyən ifadələrin bir az hüquqi açımını, hüquqi təfsirini dəqiqləşdirək.
Əvvəlcə onu qeyd eləyim ki, Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasının beynəlxalq prinsipi deyiləndə burada, sadəcə, ictimai etimaddan danışılır. Konkret bir beynəlxalq standart yoxdur ki, o standartın əsasında hər bir ölkəyə eyni bir tələb, eyni bir öhdəlik mövqeyindən yanaşılsın. Ona görə biz, sadəcə, beynəlxalq təcrübədən, o cümlədən ictimai etimaddan söhbət aça bilərik. ATƏT-in son 30 tövsiyəsində, o cümlədən Avropa Şurasının Venesiya komissiyasının tövsiyələrində də ictimai etimaddan söhbət açılır. Amma o qurumlara çox sadə bir sual vermək olardı və elə mən də bu sualı bu tribunadan rəsmi olaraq ilk növbədə onlara ünvanlayıram. Hakim partiyanın, yaxud bitərəflərin yeri hesabına müxalifətə ictimaiyyət adı altında əlavə yer vermək, onların narazılıqlarını neytrallaşdırmaq nəzərdə tutula bilməz. Yeni Azərbaycan Partiyasının nümayəndələri, təmsilçiləri, onların ətrafında olan insanlar da ictimaiyyətdir, bitərəflərin ətrafında olan insanlar da ictimaiyyətdir və ola bilməz ki, bir tərəfin narazılığını bu şəkildə ödəyəndən sonra Yeni Azərbaycan Partiyasının nümayəndələrinin narazılığını nəzərə almayasan. Onda Yeni Azərbaycan Partiyası, yaxud bitərəflər narazı qalacaqlar. Bunların narazılıqlarını kim ödəyəcək? Bu, birinci məsələ.
İkinci. Siyasi azlıqdan burada hörmətli İqbal bəy də danışdı. Bu bilirsiniz nədən irəli gəlir? 2000-ci ildə biz siyasi azlıqdan danışarkən proporsional sistem hələ ləğv olunmamışdı. Bu sistem 2002-ci ildə referendumda xalqın səsi ilə ləğv olundu. Yəni indi biz seçkiləri artıq majoritar sistem əsasında aparmağımıza baxmayaraq, bu gün MSK-nın formalaşdırılması üçün o dövrdə tətbiq olunmuş modeli əsas götürmək istəyirik. Mən hesab edirəm ki, bu qeyri-müəyyənliyin aradan qaldırılmasının müəyyən bir rolu ola bilərdi. Əlbəttə, bu bir az çətin yoldur, referendumla həll olunacaq bir yoldur və bəri başdan deyim ki, mənim təmsil etdiyim partiyanın mövqeyi deyil.
Mənim şəxsi fikrim belədir ki, ya parlament komissiyanın formalaşması prinsipinə uyğunlaşmalıdır, ya da ki, komissiyaların formalaşması prinsipi parlamentin formalaşması prinsipinə uyğunlaşmalıdır. Yəni söhbət ondan gedir ki, majoritar sistemə bəslənən ümidlər bir sıra hallarda özünü doğrultmadı. Mən bunu çox sadə bir arqumentlə əsaslandıracağam. Respublika miqyaslı şəxslər gedib əyalətdə uduzur, amma əyalət çərçivəsində olan bir adam udur. Hal-hazırkı majoritar sistemin xarakteri elədir ki, bir sıra ciddi problemlər yaradır. Özü də ki, bu, məsələn, Britaniyada, Amerika Birləşmiş Ştatlarında da partiyalar arasında inteqrasiyanı yaratmadı, 50 partiyadan 5 partiya, 6 partiya üçün keçidi təmin eləmədi. Məsələn, Britaniyada indi hamı yalnız 2 partiyaya, habelə Amerika Birləşmiş Ştatlarında 2 partiyaya ümid bəsləyir. Biz də hesab edirdik ki, bəlkə bu, siyasi partiyalar arasında təmərküzləşməni gücləndirər. Bu alınmadı.
Ona görə mən təklif eləyirəm ki, gələcək üçün biz proporsional sistemin bərpası məsələsinə qayıdaq. Çünki bir tərəfdən də biz təbliğat marafonunda partiyaların üstünlüyünü təmin eləmiş oluruq. Əslində, bu, seçki dövründə namizədlərin bərabər hüquqlu marafona qatılması prinsipini də pozmuş olur. Yəni partiyalar 60 dairədə namizədlərini qeydə aldırandan sonra respublika miqyasında təbliğat imkanı qazanıblar. Bu saydan aşağı namizəd vermiş partiya da, o cümlədən bitərəf də ödənişli qaydada fəaliyyət aparır. Bu, qeyri-bərabərlikdir. Biz bu məsələyə izah verərkən deyirik ki, hər hansı bir lokal dairədə fəaliyyət aparan, namizədliyi verən şəxsin ehtiyacı yoxdur, onu respublika əhalisinin hamısı dinləsin. Amma partiyanın 60 dairədən yuxarı namizədi varsa, o, respublika miqyasında təbliğat aparmalıdır. Ona görə də məcəllədə müvafiq dəyişiklik edilməlidir. Həm də bu, beynəlxalq arzudur ki, biz məcəllədə bəzi dəyişikliklər eləyək.
Sədrlik edən. Hörmətli millət vəkilləri, sizdən bir xahişim var. Biz bu gün Seçki Məcəlləsini müzakirə eləmirik. Gündəlikdə sizə konkret məsələ təqdim olunub. Xahiş edirəm, bu məsələ ətrafında danışın. Əgər biz günümüzü Seçki Məcəlləsini müzakirə eləməyə sərf eləsək, bu məsələnin müzakirəsi üçün vaxt qalmayacaq. Ona görə xahiş edirəm, o biri deputatlar gündəlik üzrə danışsınlar. Yaxşı, buyurun.
Z. Orucov. Hörmətli Oqtay müəllim, mən hesab edirəm ki, bu gün parlamentin qəbul edəcəyi qərar əgər son nəticədə Venesiya komissiyası və ya ATƏT-in insan haqları və demokratik təsisatlar bürosu tərəfindən geri qaytarılacaqsa, “Teleradio Yayımı Şurası haqqında”, “İctimai televiziya haqqında” qanunlarda olduğu kimi, parlamentin nüfuzuna ciddi şəkildə təsir göstərmiş olacaq. Əgər paritet istənilirsə, Azərbaycan hakimiyyəti, parlament bu sahədə pariteti necə əldə eləməyin yolunu çox sadə şəkildə təklif eləyə bilər. Bu gün demokratiya nümunəsi kimi Amerika götürülürsə, vaxtilə onlar bu aralıq mərhələləri çox sadə keçiblər. Hər tərəfdən bərabər sayda nümayəndələr komissiyaya seçilib və Prezident tərəfindən əlavə bir həlledici səs hüquqlu nümayəndə də həmin komissiya üzvü olub. Qərar qəbul eləmək çətin olduğu hallarda həmin həlledici səs hüquqlu nümayəndənin səsi qəbul olunur. Ona görə də mən hesab edirəm ki, burada arqumentlərlə...
Sədrlik edən. Konkret məsələdən danışmadınız. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, hörmətli Sədr. Hörmətli deputatlar! Bu gün bizim müzakirə etdiyimiz məsələ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsidir. Bu məsələ bu gün Milli Məclisin müzakirəsinə, hörmətli sədr, Sizin qeyd etdiyiniz kimi, birdən-birə çıxarılmamışdır. Siyasi partiyalarla, səlahiyyətli qurumlarla keçirilən uzun müzakirələrdən sonra bu gün artıq belə qərara gəlmişik ki, Mərkəzi Seçki Komissiyamız qanunvericiliyimizə uyğun olaraq tam legitim fəaliyyət hüququ qazanmalıdır. Eyni zamanda, qarşıdan gələn seçkilərdən sonra parlamentdə təmsil olunacaq deputatların və onların təmsil edəcəyi partiyaların da hüquqlarını nəzərə almışıq. Mən hesab edirəm, bu baxımdan bizim yanaşmamız qəbul etdiyimiz qanunlara tam uyğundur və beynəlxalq təşkilatlar tərəfindən qərəzli fikirlərin deyilməsinə heç bir ayaqyeri qoymur. Bu barədə mən geniş danışıb hörmətli deputatların vaxtını almaq istəmirəm. Hörmətli sədr məsələyə dair geniş məlumat verdi. Mətbuatda da bu barədə açıqlamalar gedir.
Lakin bir məsələni mən qeyd etmək istərdim. Bəzən bizim ayrı-ayrı partiya liderləri, hörmətli siyasətçilər deyirlər, elə partiyalar var ki, iqtidar yönlüdürlər. Bu fikir düz deyil. Belə çıxır ki, əgər iqtidarın gördüyü bütün işlərin üstündən qara xətt çəkmiriksə, biz iqtidar yönlüyük. Amma elə deyil axı. Elə işlər var ki, o, qəbul olunmalıdır, deyilməlidir. Haqqı, ədaləti biz müdafiə eləməliyik. Bu baxımdan, Oqtay müəllim, mən Sizin dediklərinizi, yəni 6 partiyanın Milli Məclisdə azlıq təşkil edən partiyalar kimi öz namizədlərini verməsi məsələsinə münasibətinizi tamamilə məqsədəuyğun hesab edirəm.
Parlament seçkilərində bəzi nüfuzlu şəxslərin seçilməməsi məsələsi burada da tez-tez səslənir. Seçki yerlərdə seçicilərin hüquqlarıdır. Güman edirəm ki, biz bu məsələyə parlamentdə ayrı-ayrı partiyaların, – mən də partiya sədriyəm, – mənafeyi baxımından yox, eyni zamanda, parlamentimizin peşəkarlığı baxımından yanaşmalıyıq. Parlamentdə peşəkar adamların, cəmiyyətimizin bütün təbəqələrini, bütün tərkibini təmsil edən insanların təmsil olunmasına şərait yaratmaq, məncə, daha vacibdir. Ona görə də mən güman edirəm ki, biz builki seçkilərin demokratik, ədalətli keçirilməsinin və parlamentin tamamilə dünya standartlarına uyğun, sivil ənənələr üzrə formalaşmasının şübhə altına alınmasına heç bir cəhd göstərməməliyik.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, Azərbaycanın iqtisadi sahədə böyük nailiyyətlər əldə etdiyini bütün dünya etiraf edir. Bunu əks etdirən rəqəmləri həm ölkə rəhbərliyinin dilindən eşidir, həm də statistik hesabatlardan oxuyuruq. Biz əgər bu məsələlərlə maraqlanırıqsa, bunları özümüz də araşdırmalı, nəticə çıxarmalıyıq. Sosial sahədə, beynəlxalq əlaqələr sahəsində də nailiyyətlərimiz göz qabağındadır. Beynəlxalq təşkilatlar yalnız seçkilərdə bizim işimizə irad tutmaq üçün nə isə bir bəhanə axtarıb tapırlar. Buna görə də biz bu məsələyə çox böyük məsuliyyətlə yanaşmalı və MSK-nın təşkili üçün qəbul olunan tərkibə səs verməliyik.
Mən çıxışımın sonunda daha bir məsələni qeyd etmək istərdim. Son vaxtlar respublikamızda yüksək dövlət vəzifələrində bir sıra kadrlar dəyişdirilmiş, ölkə Prezidentinin xeyir-duası ilə yeni postlar tutulmuşdur. Mən istəyirəm, onlara ürəkdən müvəffəqiyyətlər arzulayaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Xanhüseyn müəllim. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Çox vacib bir məsələni müzakirə edirik. 2006-cı ildə ölkənin ictimai-siyasi həyatında böyük bir hadisə olacaq. 13 mayda parlamentə əlavə seçkilərin keçirilməsinə cavabdeh olan qurumun formalaşdırılmasına bu gün biz öz münasibətimizi bildirməliyik. Həmin seçkilərin ədalətli və şəffaf keçirilməsinə birbaşa cavabdeh olan Mərkəzi Seçki Komissiyasının formalaşması çox məsuliyyətli bir məsələdir. Bu gün Mərkəzi Seçki Komissiyasının hansı strukturda və ya MSK-da qüvvələr nisbətinin hansı formada olmasını müzakirə etməyə ehtiyac yoxdur. Biz bunu bir dəfə artıq 2003-cü ildə çox geniş, təqribən bir ilədək dövrdə müzakirə etmiş və yekun qərara gəlmişik. Hər dəfə hər bir iclasda yenidən seçki ilə bağlı, MSK-nın tərkibi, strukturu ilə bağlı müzakirə açacağıqsa, bizim bu fəaliyyətimizin heç bir nəticəsi olmayacaq.
Mərkəzi Seçki Komissiyasının indi təklif etdiyimiz formatı yenidir, amma əvvəlki formatla səsləşir və qarşıdakı seçkilərin şəffaf və demokratik keçirilməsinə təsiri olacaqdır. Eyni zamanda, bizə təklif edilən variantı, yəni MSK-nın hələlik tam olmayan bir formada təşkil edilməsini mən optimal sayıram. Həqiqətən də, 13 may seçkilərinin nəticələrini gözləməliyik. Həmin seçkilərin nəticələrinə görə parlamentin tərkibinin siyasi rəngarəngliyi bir qədər də artacaq. Biz həmin rəngarəngliyi MSK-nın gələcək tərkibində nəzərə almağa borcluyuq. Üzvü olduğum Yeni Azərbaycan Partiyasının MSK-nın tərkibinə təqdim etdiyi şəxslər respublika ictimaiyyətinə yaxşı tanış olan və öz fəaliyyətləri ilə, atdıqları addımlar ilə ölkədə özlərinə hörmət qazanmış şəxslərdir. Hesab edirəm ki, MSK-nın yeni tərkibində də onlar həm Yeni Azərbaycan Partiyasını ləyaqətlə təmsil edəcək, həm də onların üzərinə Konstitusiya ilə, qanunla qoyulmuş öhdəliklərin yerinə yetirilməsinə çox böyük məsuliyyətlə yanaşacaqlar.
Bununla belə, icazənizlə, bir məsələyə toxunmaq istərdim. Adətən, ümummilli seçkinin yekunundan sonra MSK-nın üzvlərindən bir neçə nəfər yekun protokoluna imza atmaqdan imtina edir. Bir qayda olaraq, bunlar radikal müxalifətin nümayəndələri olurlar. Çox qəribədir ki, bu zaman ya hər hansı bir əsas gətirmir, ya da üzvü olduqları partiyanın siyasi mövqeyini ortaya qoyurlar. Mən çox istərdim ki, gələcəkdə Seçki Məcəlləsinə yenidən dəyişiklik edilərkən MSK üzvlərinin əsassız yerə yekun protokoluna qol çəkməməsinə görə bir məsuliyyət qeyd olunsun. Yoxsa bir məsuliyyətsizlik ab-havası yaranır. Dövlətdən uzun müddət maaş alırlar. Onlar üçün hər cür şərait yaradılır. Sonda isə heç bir əsas olmadan yekun protokoluna qol çəkməkdən imtina edir və bu zaman gizlətmirlər ki, onları göndərən partiyanın siyasi maraqlarını əsas tutur, həmin partiyanın mövqeyini qorumağa çalışırlar. Məncə, Mərkəzi Seçki Komissiyasının üzvü olan şəxs artıq təmsil etdiyi partiyanın yox, ilk öncə ölkə Konstitusiyasının və ölkə qanunlarının tələblərini üstün tutmalı və həmin tələblərdən irəli gələn vəzifələrə hörmətlə yanaşmalıdır. Mən bizə təklif edilən tərkiblə razıyam və həmin tərkibə səs verəcəyimi bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Mən, icazənizlə, sizin diqqətinizi iki məsələyə cəlb etmək istəyirəm. Birinci məsələ may seçkilərinin keçirilməsi ilə bağlı olan məsələdir. Bu bizim üçün həddindən artıq, əhəmiyyətli və Azərbaycanın beynəlxalq təşkilatlarda, ümumiyyətlə, beynəlxalq aləmdə imicinə təsir edəcək bir seçki kimi qiymətləndirilməlidir. Biz əlimizdən gələni etməliyik ki, bu seçkilər şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun şəkildə təşkil olunsun və keçirilsin. Beynəlxalq təşkilatlarda təmsil olunan şəxslər bu seçkilərdə yol verilmiş hər hansı bir qüsurdan istifadə edib Azərbaycan üçün problemlər yaratmasınlar.
Hörmətli millət vəkilləri, biz bu yaxınlarda Milli Məclisin nümayəndə heyəti kimi iştirak etdiyimiz Avropa Şurasının Parlament Assambleyasından qayıtmışıq. Noyabr ayında keçirilmiş seçkilərin yüksək səviyyədə təşkil olunmasına və seçki dairələrində baş vermiş nöqsanların aradan qaldırılması üçün dövlət başçısının siyasi iradəsinə əsasən dövlət səviyyəsində konkret tədbirlərin görülməsinə baxmayaraq, Azərbaycana qarşı bəzi qüvvələr öz istəklərini həyata keçirmək istəyirdilər. Ancaq bu, baş vermədi. Bu bir neçə səbəbə görə baş vermədi. O səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda aparılan daxili və xarici siyasət dünya tərəfindən qəbul olunur. Ancaq o səbəblərdən biri də ondan ibarətdir ki, Azərbaycan parlamenti Avropa Şurasının Parlament Assambleyasında müzakirələrədək AŞPA ilə konstruktiv əməkdaşlıq qurmuşdu. Konstruktiv əməkdaşlığın əsası ondan ibarət idi ki, bizim parlament Avropa Şurasının Parlament Assambleyası sədrinin bizə göndərdiyi məktuba dərhal cavab verərək öz mövqeyini bildirmişdi. Hansı məktubdan söhbət gedir? Siz bilirsiniz ki, parlament seçkilərindən sonra Avropa Şurasının Baş katibi parlamentə ünvanladığı məktubda bizdən xahiş etmişdi ki, may ayında keçiriləcək seçkilərin nəticəsi həm parlamentin formalaşmasında, həm də Avropa Şurasının Parlament Assambleyasına göndəriləcək nümayəndə heyətinin tərkibində nəzərə alınsın. Ona görə Avropa Şurasına biz 12 nəfərlə yox, 10 nəfərlə getdik. 10 nəfərlə getməyimizin mənası ondan ibarət idi ki, biz gələcəkdə may seçkilərini nəzərə alacağıq.
Bu gün çox sevindirici haldır ki, biz həmin prinsipi Mərkəzi Seçki Komissiyasına da şamil edirik və may seçkilərində əhəmiyyətli rol oynayan Mərkəzi Seçki Komissiyası da bu prinsiplə işləyəcək. Bu isə o deməkdir ki, sabah beynəlxalq təşkilatlarda Azərbaycanda seçkilərlə bağlı müzakirələr olacaqsa, bizdə də dünya tərəfindən qəbul olunan arqumentlər olacaq. Biz Azərbaycanda may ayında keçiriləcək seçkilərin nəticəsini nəzərə alacağıq və Mərkəzi Seçki Komissiyası da may seçkilərindən sonra öz tərkibində əlavələr və dəyişikliklər edəcək. Ona görə mən Beynəlxalq münasibətlər komissiyasının sədri kimi bu formulanı, bu təklifi bəyənirəm və buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Təqdim edilən qərar layihəsi, təbii ki, bizim tərəfimizdən müdafiə olunur, dəstəklənir. Yeni Azərbaycan Partiyası bununla bağlı öz namizədlərini irəli sürüb. Mən hesab edirəm ki, indiki şəraitdə Mərkəzi Seçki Komissiyasının təkrar seçkilərə qədər belə formalaşdırılması və onun nəticələrinə qədər vakant yerlərin saxlanılması ən məntiqi və ədalətli bir addımdır. Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyası cəmiyyətdə olan siyasi qüvvələr nisbətini özündə əks etdirməlidir. Hesab edirəm ki, bu baxımdan Yeni Azərbaycan Partiyası güzəştə gedib və bu nisbətdə digərlərinə imkan yaradıb ki, onlar da öz siyasi maraqlarını Mərkəzi Seçki Komissiyasında və digər komissiyalarda təmsil edə bilsinlər.
Bu gün Azərbaycanda siyasi palitraya nəzər salsaq, Azərbaycanda olan siyasi partiyaların bir çoxu parlamentdə təmsil oluna bilib və parlamentdə olan bu partiyaların da hamısı Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasında iştirak edir. Belə bir fikir səsləndirildi ki, guya bəzi məsələlərdə Yeni Azərbaycan Partiyası ilə eyni fikirdə olan partiyalar hakim partiyanın mövqeyinə yaxın olduqlarına görə bir cür və digərləri ayrı cür qiymətləndirilməlidir. Mən hesab edirəm ki, bu çox yanlış fikirdir. Biz seçkilərə Yeni Azərbaycan Partiyası olaraq heç bir blokda gəlməmişik. O biri partiyalar da seçkilərə təkbaşına qatılıblar. Əgər biz seçkilərdən qabaq hansısa siyasi təşkilatlarla vahid bir blok altında birləşərək seçkilərə gəlmiş olsaydıq, bu zaman həmin iddianı ortaya qoymaq mümkün idi. Digər tərəfdən heç kimdə elə bir meyar yoxdur ki, kimin müxalifətyönümlü, kimin iqtidaryönümlü olduğunu müəyyənləşdirsin. İqtidar Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyasından kənarda olan bütün partiyalar isə müxalifət partiyaları sayılır. Ona görə də onların haqqı var ki, bu prosesdə bərabər şəkildə iştirak etsinlər.
Sonra, burada paritetdən danışıldı. Ümumiyyətlə, paritetdən çox danışılır. Əvvəla, biz bu gün Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasını müzakirə edirik. Qanunun, qərarın birbaşa aid olduğu məsələdən danışmaq lazımdır. Seçki Məcəlləsini artıq qəbul eləmişik. Beynəlxalq təşkilatlarda da bu qanun böyük dəstək qazanıb, rəy alıb. Ona görə buna təkrar qayıtmağa ehtiyac yoxdur. Elə paritetin böyüklüyü odur ki, burada heç bir siyasi təşkilatlarda təmsil olunmayan şəxslərin maraqları, bir də çoxluğun marağı ifadə olunur. Bundan böyük paritet nə ola bilər?
Digər tərəfdən, burada belə bir fikir səsləndi ki, Mərkəzi Seçki Komissiyası formalaşdıqdan sonra heç bir siyasi partiyanın üzvü olmayanların yerlərdə dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasında iştirakında guya hansısa bir problem ortaya çıxacaq. Əlbəttə, belə bir problem ortaya çıxa bilməz. Çünki Mərkəzi Seçki Komissiyası formalaşdıqdan sonra məntəqə və dairə seçki komissiyalarını formalaşdırmaq birbaşa həmin qurumun ixtiyarındadır. Bu qurum siyasətdən kənardadır. Bilirsiniz ki, namizədlər verildikdən sonra, həmin namizədlər orada üzv olduqdan sonra onlar Mərkəzi Seçki Komissiyasının üzvü olaraq siyasi qəyyumluqdan azad olunur və onlar heç bir siyasi partiyanın, nizamnamənin çərçivəsində hərəkət eləmirlər. Ona görə də həmin yerlərdə formalaşdırmanı Mərkəzi Seçki Komissiyası həyata keçirəcək və orada bitərəflərin namizədlərinin irəli sürülməsi adlı problem ortada olmayacaq. Ümumiyyətlə, mən hesab edirəm ki, bu gün təqdim olunan qərar layihəsi ədalətlidir, məntiqlidir və siyasi prosesi nəzərə alaraq təqdim edilmişdir. Ona görə də bütün millət vəkillərini bu qərar layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mərkəzi Seçki Komissiyasının təqdim edilmiş tərkibdə formalaşmasının tərəfdarıyıq və səsvermədə buna müsbət münasibətimizi bildirəcəyik. Digər tərəfdən, Mərkəzi Seçki Komissiyasının tam tərkibinin formalaşmasının may seçkilərindən sonraya saxlanması da sağlam məntiqə uyğundur. Biz, eyni zamanda, bu prinsipi də müsbət dəyərləndiririk. Həm də burada hörmətli həmkarlarımın söyləmiş olduğu bir sıra fikirlərlə, xüsusən də Mübariz Qurbanlının fikirləri ilə mən şərikəm.
Bununla belə bir sıra məqamlar üzərində durmağı vacib hesab edirəm. Əvvəldən paritet məsələsinin qoyulması kökündən yanlışdır. Heç bir sağlam məntiqə, Azərbaycandakı siyasi qüvvələrin bölgüsünə və onların real imkanlarına söykənməyən bir təklifdir. Bunun arxasında duran niyyət ondan ibarətdir ki, cəmiyyətdə yetərincə nüfuzu olmayan, səsvermə yolu ilə parlamentə düşə bilməyən və ya Prezident seçkilərində məğlubiyyətə uğrayan radikallar, sadəcə olaraq, xaricdəki himayədarlarının vasitəsilə Mərkəzi Seçki Komissiyasında və aşağı vəsilələrdə üstünlük əldə etməklə seçki komissiyaları vasitəsilə hakimiyyətə gəlmək istəyirlər. Bunun mahiyyəti budur. Təbii ki, buna qətiyyən yol vermək olmaz. Bu, ən azı Azərbaycan xalqının iradəsinə qarşı durmaq deməkdir.
Ayrı-ayrı dövlətlərin müəyyən dairələri ilə müxalifətin radikal qanadının fikirlərinin üst-üstə düşməsi həmin dövlətlərin Azərbaycanda təzyiqlər vasitəsilə öz dövlət maraqları ilə bağlı istəklərinə çatmaq arzusundan irəli gəlir. Təbii ki, həmin dairələrə Azərbaycanda oyuncaq bir hakimiyyət lazımdır. Xaricdən alınan qrantlar vasitəsilə Azərbaycanın siyasi arenasında fəaliyyət göstərərək özünü təqdim etməyə çalışan həmin siyasi partiyaların hakimiyyətə gəlməsi Azərbaycanın gələcəkdə bu və ya digər xarici qüvvələrdən asılılığı deməkdir. Bu baxımdan mən paritet prinsipin qəti əleyhinəyəm, buna da heç cür yol vermək olmaz.
Eyni zamanda, bu gün qüvvələr nisbəti də bunu tələb etmir. Bu gün etiraf olunmalıdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi qüvvələri içərisində seçkilər vasitəsilə ən çox mandat qazanan partiyadır və ən nüfuzlu siyasi qüvvədir. Ondan sonra isə müstəqil deputatlar gəlir. Əlbəttə, ayrı-ayrı siyasi partiyalarda imkanları daxilində mandat qazanmışlar. Bu baxımdan düşünürəm ki, Yeni Azərbaycan Partiyası ilə küçə mitinqlərində həqiqəti etiraf eləmək əvəzinə daha çox qışqırmaq, təhqir, inkar mövqeyi tutan və bir daha təkrar edirəm, xarici qüvvələrin himayəsində olan, Azərbaycan cəmiyyətində nüfuzu olmayan qüvvələr arasında heç bir paritetlik, heç bir bərabərlik yoxdur. Bunu biz birmənalı şəkildə qəbul etməliyik. Radikal müxalifətin şıltaqlığına birdəfəlik son qoymalıyıq.
Mən elə fikirləşirəm ki, əksinə, siyasi qüvvələrdən asılı olmayan, tamamilə müstəqillərdən ibarət Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları formalaşdırılmalıdır. Dünyanın bir çox ölkələrində belədir. Çünki hər bir siyasi partiyanın orada təmsilçisi istər-istəməz öz partiyasının siyasi maraqlarını güdməyə məcbur olur. Necə ki, parlament seçkilərində Müsavat Partiyasının təmsilçisi Vidadi müəllim sonda protokola qol çəkəndən sonra Müsavat Partiyası tərəfindən düşmən elan edilib. Çünki onların maraqlarına uyğun deyildir. Vidadi bir Azərbaycan vətəndaşı olaraq obyektiv mövqeyini ortalığa qoyurdu. Ona görə, məncə, gələcəkdə elə etməliyik ki, seçki komissiyaları müxtəlif siyasi qüvvələrdən asılı olmayan müstəqil insanlardan təşkil olunsun və bu prosesi həyata keçirsin.
Mən partiya ilə də bağlı müəyyən məqamlara toxunmaq istəyirəm. İstər kütləvi informasiya vasitələrində, istərsə də burada qapalı şəkildə iqtidaryönlü partiyalar söhbəti gedir. Əslində, Seçki Məcəlləsinin 24-cü maddəsində bu məsələ yox, çoxluq, azlıq məsələsi qoyulur. Bu cür yanaşma ədalətsiz yanaşmadır. İkinci, Ana Vətən Partiyası sağ mərkəzi mövqedə duran partiyadır. Əgər Ana Vətən Partiyasının təməl prinsipləri ilə mərhum ulu öndərimiz Heydər Əliyevin yaratmış olduğu dövlətçilik konsepsiyası və onu hazırda həyata keçirən ölkə Prezidentinin siyasi kursu üst-üstə düşürsə, bu baxımdan Ana Vətən Partiyası öz mövqeyini ümummilli maraqlar, ümumdövlət maraqları çərçivəsində ortalığa qoyursa, bu, ittihama deyil, əksinə, alqışlanmağa layiq bir mövqedir.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Mən bir də xatırladıram ki, biz Seçki Məcəlləsini müzakirə eləmirik. Mən hamının dediyi fikirlərlə razı deyiləm. Burada əyləşən deputatların hamısı legitim seçilmiş deputatlardır. Hər kəsin subyektiv fikri ola bilər, hər kəs fikrini deyə bilər. Bir xahişim odur ki, Milli Məclisdə bir-birimizə qarşı dözümlülük nümayiş etdirək, Milli Məclisin iclasının yüksək səviyyədə keçməsinə kömək edək. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin seçilməsi respublikamızda çox mühüm siyasi əhəmiyyət daşıyan bir qərardır və millət vəkillərinin bu məsələnin müzakirəsində belə fəallıq göstərməsi də təbiidir. Mən bizə həm Yeni Azərbaycan Partiyası, həm də müstəqil deputatlar tərəfindən təklif olunan namizədlərin hamısının bioqrafiyası ilə tanış oldum. Əslində, bu tanışlığa elə bir ehtiyac yoxdur, onların hamısı cəmiyyətdə tanınan, öz obyektivlikləri ilə seçilən insanlardır. Düşünürəm ki, bu tərkibi təsdiq edərək yeni Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə uğurlar arzulamalıyıq. Mən də o fikirlə razıyam ki, yeni Mərkəzi Seçki Komissiyasının tərkibinin bu formatda təşkil olunması ədalətlidir. Cəmiyyətin bütün siyasi palitrasının fikrini əks etdirən bir formatdır və bu formatdan kənara çıxmaq da lazım deyil. O ki qaldı Mərkəzi Seçki Komissiyasının üzvlərinin bir qisminin may seçkilərindən sonra seçilməsinə, bu da obyektivlikdən doğan bir reallıqdır və bu vəziyyətdən çıxmaq üçün ən optimal addımdır. Mən bu təklifi də dəstəkləyirəm.
Eyni zamanda, ötən dövr ərzində göstərdikləri obyektivliyə, sədaqətli xidmətə görə, demokratiyanın inkişafına layiqli xidmət göstərdiklərinə görə Mərkəzi Seçki Komissiyasının bütün indiki tərkibinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bizim hamımızın, yəni üçüncü çağırış Milli Məclisə seçilən deputatların seçki kampaniyasında iştirakından o qədər də çox vaxt keçmir. Həmin dövrdə həm məntəqə, həm də dairə seçki komissiyalarının nə qədər gərgin iş şəraitində işlədiklərini, nə qədər obyektiv, nə qədər qanunçuluğa sədaqətlə işlədiklərinin şahidi olduq.
Fürsətdən istifadə edərək bir təklifimi də çatdırmaq istəyirəm. Bu, əlbəttə, məntəqə seçki komissiyasının büdcəsi ilə bağlı məsələdir. Belə ki, məntəqə seçki komissiyasının üzvləri işlədikləri dövr ərzində çox cüzi maaş alırlar – cəmisi 150 min manat. Düşünürəm ki, may seçkilərində onlara gördükləri gərgin işə müvafiq əmək haqqı verilməsi məsələsinə baxmaq lazımdır.
Digər məsələyə də münasibət bildirmək istəyirəm. Mərkəzi Seçki Komissiyasının formalaşdırılması ilə, seçkilərin keçirilməsi ilə bağlı Avropa Şurasının, yaxud digər Qərb təşkilatlarının Azərbaycana mövqeyi necə olacaqdır? Mən hesab edirəm ki, bu mövqe o qədər də önəmli deyildir. Çünki o təşkilatlar istədikləri vaxt Azərbaycana və özlərinə lazım olmayan ölkələrə qarşı ikili standartlardan çıxış etməyi bacarırlar. Mən hesab edirəm ki, istənilən halda biz Azəbaycan xalqının və Azərbaycan Prezidentinin iradəsinə söykənərək öz siyasətimizi aparmalıyıq.
Cənab sədr, mən düşünürəm ki, çıxış edənlərin heç biri Mərkəzi Seçki Komissiyasının bu formatda və bu tərkibdə təşkil olunmasına etiraz etmir. Əgər xüsusi etiraz yoxdursa, bu məsələni qısa müzakirələrdən sonra səsə qoyub qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çıxış üçün təkid eləyən yoxdur? İcazə versəydiniz, Valeh Ələsgərova söz verərdim.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini.
Çox sağ olun, cənab sədr. Birincisi, hamınıza böyük hörmətim var, ancaq bəzi çıxışlardan belə çıxdı ki, biz bu gün gündəlikdə olan məsələni yox, Seçki Məcəlləsini, ya da hansısa başqa qanunvericilik aktını müzakirə edirik. Mənim üçün bu təəccüblüdür. Mən elə öyrənmişəm ki, gündəlikdə məsələ varsa, o məsələ müzakirə olunur. Bəzi çıxışlarda mən gündəliyə aid bir şey eşitmədim. İkincisi, “müstəqil”, “bitərəf” sözlərini işlədirsiniz. Heç bir partiyaya mənsub olmayan deputatların adından kimsə danışanda mən bir az inciyirəm. Çünki mən nə özüm, nə də bitərəflərdən biri, nə Yeni Azərbaycan Partiyasının, nə də azlıq təşkil eləyən partiyaların yerinə danışıb. Ona görə də xahiş edirəm, imkan verin, öz yerimizə danışaq.
Qanun çərçivəsində bizə verilən səlahiyyətdən istifadə eləyib, bu səlahiyyətə uyğun olaraq iş aparmışıq, lazım bildiyimiz nümayəndələri seçmişik, onları təqdim eləmişik. Onları səsə qoyub səs verərsiniz, Seçki Komissiyasının tərkibinə daxil olarlar. O ki qaldı dairələrdə bitərəflərin namizədlərinin seçilməsinə, yenə deyirəm, heç kim narahat olmasın. Əgər biz seçki kampaniyamızı keçirə bilmişiksə və yerlərdə bizi dəstəkləyən insanlar varsa, bu məsələni də həll eləyəcəyik. Çox sağ olun.
Sədrlik edən. Əli Əhmədova da söz verək.
Ə. Əhmədov. Çox təşəkkür edirəm, hörmətli Sədr, təşəkkür edirəm ki, mənə söz verdiniz. Mən də burada səsləndirilən fikirlərlə tam razıyam ki, Mərkəzi Seçki Komissiyasının formalaşdırılması Milli Məclisin səlahiyyətinə daxil olan ən vacib məsələlərdən biri olduğundan bu gün biz bu məsələni gündəliyə çıxarmışıq. Eyni zamanda, mən hesab edirəm ki, bugünkü müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyasının təklif olunan tərkibi səsə qoyulub qəbul ediləcək. Bu çox vacib məsələdir. Ona görə ki, 3 aydan sonra Azərbaycanda 10 dairədə təkrar seçkilər keçiriləcək və bu müddət ərzində həm Mərkəzi Seçki Komissiyasının yeni tərkibi, həm də aşağı seçki komissiyaları formalaşıb fəaliyyətə başlamalıdır.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasının tərkibinə öz nümayəndələrini göndərərkən Yeni Azərbaycan Partiyası tərəfindən əvvəlki dövrdə irəli sürülmüş Mərkəzi Seçki Komissiyası üzvlərinin və bütövlükdə Mərkəzi Seçki Komissiyasının fəaliyyəti əsas götürülüb. Yeni Azərbaycan Partiyasının müzakirə nəticəsində gəldiyi qənaət bundan ibarətdir ki, bütövlükdə Azərbaycanda demokratik seçkilərin keçirilməsində, 2006-cı ilin parlament seçkilərinin ədalətli, düzgün təşkil edilib kampaniyanın başa vurulmasında bütün seçki administrasiyası, o cümlədən də Mərkəzi Seçki Komissiyası səmərəli fəaliyyət göstərib. Eyni zamanda, Seçki Məcəlləsində nəzərdə tutulmuş format özünü bütünlüklə doğruldub.
Azərbaycanda noyabr ayında keçirilmiş seçkilərin demokratikliyinin, düzgünlüyünün, ədalətliliyinin təmin edilməsində Azərbaycan hökumətinin, hörmətli Prezidentin həyata keçirdiyi çox vacib tədbirlərlə yanaşı, Mərkəzi Seçki Komissiyasının, bütün səviyyələrdə olan seçki komissiyalarının səmərəli fəaliyyətini də birmənalı şəkildə qeyd eləməliyik. Ona görə də bu məntiqdən çıxış edərək Seçki Məcəlləsində təsbit olunmuş formatın həm ədalətli, həm düzgün, həm də səmərəli olduğu qənaətinə gəlirik.
Yeni Azərbaycan Partiyası olaraq çıxardığımız ikinci bir qənaət ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasına göndərdiyi üzvlər Mərkəzi Seçki Komissiyasının ötən dövrdəki fəaliyyətində kifayət qədər səmərəli fəaliyyət göstəriblər. Burada bayaq bir narahatçılıq qeyd olundu ki, bəzi siyasi partiyalar tərəfindən göndərilən nümayəndələr seçki komissiyasının qərəzsiz üzvü kimi yox, ayrı-ayrı partiyaların təmsilçiləri, üzvləri kimi fəaliyyət göstərirlər. Mən Yeni Azərbaycan Partiyasını seçki komissiyalarında təmsil edən üzvlərin hərəkətlərini təhlil edərək bu fikri söyləyə bilərəm ki, seçki komissiyalarında fəaliyyət göstərənlər Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə, qanunlarına riayət edərək fəaliyyət göstərməlidir. Güman edirəm ki, Mərkəzi Seçki Komissiyasının yeni seçilən tərkibi də məhz Azərbaycanın qanunları əsasında fəaliyyət göstərəcək və ölkəmizdə bundan sonra da seçkilərin demokratik, ədalətli keçirilməsini təmin edəcək. Biz hesab edirik ki, Mərkəzi Seçki Komissiyasının ədalətli şəkildə formalaşması üçün, MSK-ya seçilən üzvlərin Azərbaycanın qanunları əsasında demokratik seçki keçirilməsinə öz töhfələrini verməsi üçün Azərbaycan hökuməti, Azərbaycanın qanunvericiliyi bütün şəraiti, bütün imkanları yaradıb. Mən inanıram ki, bugünkü müzakirə nəticəsində formalaşan Mərkəzi Seçki Komissiyası da Azərbaycanda demokratik seçkilərin keçirilməsi sahəsində əldə edilən ənənələri bundan sonra da inkişaf etdirəcək.
Hörmətli sədr, güman edirəm ki, müzakirələr kifayət qədər ətraflı keçirildi. Ona görə də mən burada artıq səsləndirilmiş fikrə tərəfdar çıxaraq, təklif edirəm ki, bununla da müzakirələrə son qoyulsun, səsvermə keçirilsin, Mərkəzi Seçki Komissiyasının təqdim olunan üzvləri təyin edilsinlər. Sağ olun.
Sədrlik edən. Təklif olundu ki, səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. İcazə verin, Mərkəzi Seçki Komissiyasının tərkibinə namizədlərin təqdim olunmasına başlayaq. Milli Məclisdə çoxluq təşkil eləyən siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının nümayəndəsi, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədova söz verirəm.
Ə. Əhmədov, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, partiyanın icraçı katibi.
Çox sağ olun, təşəkkür edirəm. Biz Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına əsas üzvlər kimi aşağıdakı şəxsləri məsləhət görmüşük: Pənahov Məzahir Məhəmməd oğlu, Qasımova Svetlana Çingiz qızı, Cavadov Fuad Musa oğlu, İbrahimov Ramiz Hilal oğlu, Kazımova Validə Faiq qızı, Orucov Qabil Əhməd oğlu. Bunlar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yanvar ayının 9-da keçirilən iclasında Mərkəzi Seçki Komissiyasına əsas üzvlər seçilmək üçün təqdim edilib.
İki nəfər – Ağayev Zeynal Qurban oğlu və Hümbətov Surəddin Məhəmmədhüseyn oğlu əvəzedici üzv seçilmək üçün təklif olunub. Seçki Məcəlləsinin tələblərinə görə, Milli Məclisdə heç bir partiyanı təmsil etməyən deputatlar adından irəli sürülən Mərkəzi Seçki Komissiyası üzvlərindən bir nəfəri çoxluq təşkil edən partiya tərəfindən razılaşdırılır. Biz bunu da razılaşdırmışıq – Nadirov Nizami Hüseyn oğlu. Bu barədə də Yeni Azərbaycan Partiyasının müvafiq qərarı var. O qərarı biz sizə təqdim etmişik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Söz verilir heç bir siyasi partiyanın üzvü olmayan bitərəflərin əlaqələndiricisi Valeh Ələsgərova.
V.Ələsgərov. Müstəqil deputatlar tərəfindən təqdim edilirlər – Məmmədov Natiq Seyfulla oğlu, Tağıyev Azər Cabir oğlu, Məmmədov İlham Sabir oğlu, Həsənov Tofiq Eldar oğlu, Nadirov Nizami Hüseyn oğlu. Müstəqil deputatlar tərəfindən Mərkəzi Seçki Komissiyasının tərkibinə bu 5 nəfərin namizədliyi təqdim edilib. Bundan başqa, əvəzedici şəxs kimi namizədimiz Adilov Nadir Adil oğludur. Bu yoldaşların hamısını biz tanıyırıq. Böyük iş nəticəsində belə qərara gəlmişik və xahiş edirik, bunlara səs verəsiniz.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Milli Məclisdə azlıq təşkil eləyən siyasi partiyaların nümayəndəsi, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının sədri cənab Asim Mollazadəyə söz verilir.
A. Mollazadə, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Böyük Quruluş Partiyasının sədri cənab Fazil Mustafayevlə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə bir sıra müzakirələrdən sonra biz belə bir ümumi qərara gəldik ki, Demokratik İslahatlar Partiyasının təmsilçisi Cəfərova Tamam xanım Mərkəzi Seçki Komissiyasında bizi təmsil etsin. Bu qərar gələcəkdə dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasında bir-birimizin maraqlarını nəzərə almaq şərti ilə qəbul olunub.
Mən daha bir məsələyə diqqətinizi cəlb etmək istərdim. Biz düşünürük ki, Azərbaycanda seçki qanunvericiliyinə gələcəkdə ciddi dəyişikliklər edilməlidir. Söhbət nədən gedir? Bu gün Azərbaycan Avropaya inteqrasiya yolunu seçibsə, biz Avropa ölkələrində, dünyanın inkişaf etmiş demokratik ölkələrində mövcud olan seçki sistemini Azərbaycanda da bərqərar etməliyik. Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasında, aşağı seçki komissiyalarında təmsilçiliyi, eyni zamanda, bu adamların öz partiya maraqlarından irəli gələn siyasəti yeritməsi deməkdir. Avropada, Avropanın bütün inkişaf etmiş ölkələrində seçki sistemi ilk növbədə peşəkar insanlardan, partiya mənsubiyyəti olmayan insanlardan ibarətdir. Düşünürəm ki, biz Milli Məclis olaraq bu istiqamətdə Avropa Şurasının Venesiya komissiyası ilə, ATƏT-in Demokratik Təsisatlar İnstitutu ilə birgə işin nəticəsində Avropa Birliyinin bu təcrübəsini də Azərbaycanda tətbiq etməliyik. Əlbəttə, bizim bu qərarımız indi Mərkəzi Seçki Komissiyasını formalaşdırıb, qarşıdakı may seçkilərini keçirmək üçün məqbuldur. Lakin Azərbaycanda demokratik seçki sisteminin qurulması, müstəqil demokratik institutun formalaşması üçün biz ciddi iş aparmalıyıq. Ümidvarıq ki, may seçkilərindən sonra biz bu məsələyə yenidən qayıdıb beynəlxalq təşkilatların təcrübəsindən faydalana biləcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Asim müəllim. Söz verilir Milli Məclisdə azlıq təşkil edən partiyaların digər nümayəndəsi – Vətəndaş Birliyi Partiyasının sədri cənab Sabir Hacıyevə.
S. Hacıyev, Vətəndaş Birliyi Partiyasının sədri.
Təşəkkür edirəm. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq Ana Vətən Partiyası, Sosial Rifah Partiyası və Vətəndaş Birliyi Partiyası birlikdə yığışıb bir nəfərin təqdimatı məsələsini müzakirə etmişlər. Razılaşdırılmış qərara əsasən biz İsmayılov Rövşən Rəhim oğlunu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına əsas üzv kimi seçilmək üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim edirik.
Qısa da olsa, bir məsələyə toxunmaq istərdim. Burada seçki komissiyalarının formalaşdırılması ilə bağlı fikirlər səsləndi. Düzdür, bu, gündəliyə daxil olan məsələ deyil. Amma gələcəkdə, təbii ki, bunu müzakirə etmək lazımdır. Hazırkı qanunvericilikdə nəzərdə tutulub ki, Mərkəzi Seçki Komissiyası azlıq, çoxluq və bitərəflər tərəfindən formalaşdırılmalıdır. Amma seçkilərin nəticəsi xalqın iradəsidir və ola bilər ki, gələcək seçkilərdə xalq ya ancaq bir partiyaya, ya da yalnız bitərəflərə səs versin. Onda bu qanunda boşluq üzə çıxa bilər. Ona görə də gələcəkdə mütləq bu məsələ öz həllini tapmalıdır. Çünki seçki xalqın iradəsindən asılıdır və biz nəticələri öncədən bilə bilmərik ki, orada azlıq olacaq, çoxluq olacaq, yaxud hamısı bitərəf olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Sabir müəllim. Hörmətli millət vəkilləri, Mərkəzi Seçki Komissiyasının üzvlüyünə və əvəzedici üzvlüyünə namizədlər salonda əyləşiblər. Bəlkə onlara sualı olanlar var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Adbaad, ya siyahı ilə? Onda xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, icazə verin, Mərkəzi Seçki Komissiyasına seçilmiş üzvləri və əvəzedici üzvləri təbrik edək, onlara gələcək işlərində, məsul vəzifələrində uğurlar arzulayaq! (Alqışlar.)
Hörmətli millət vəkilləri, icazə verin, gündəliyin ikinci məsələsinin müzakirəsinə başlayaq. Əmək pensiyaları haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim edilir. Dekabr ayının 30-da müzakirə zamanı deputatlar qanun layihəsi ilə əlaqədar çoxlu fikirlər söyləmişdilər. Ötən müddətdə Milli Məclisin müvafiq komissiyaları layihə üzərində işləmiş, mətbuatda, televiziyada təbliğat aparılmış və bu qanunun mahiyyəti açıqlanmışdır. Mən qısaca deyə bilərəm ki, bu qanunun komissiyalarda müzakirəsi zamanı layihədə 57-yə yaxın dəyişiklik edilmiş və bu dəyişikliklər qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektlə razılaşdırılmışdır. Bu qanun dekabrın 27-də Milli Məclisin 6 komissiyası tərəfindən birlikdə müzakirə olunmuş, müzakirədə 48 millət vəkili iştirak etmişdir. İcazənizlə, indi bu qanun layihəsini sizin müzakirənizə təqdim etmək üçün mən o komissiyaların sədrlərinə bir daha söz verəcəyəm. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli sədrimizin söylədiyi kimi, Milli Məclisin 2005-ci il 30 dekabr tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzası ilə qanunvericilik təşəbbüsü əsasında parlamentə Əmək pensiyaları haqqında və Sosial müavinətlər haqqında iki qanun layihəsi daxil oldu. Bu qanun layihələri parlamentdə müzakirə olundu. Bununla əlaqədar olaraq bir sıra fikirlər səsləndi və son nəticədə siz bu layihəni birinci oxunuşda qəbul etdiniz. Ona görə icazə verin, sizin hər birinizə bu layihəni müdafiə etdiyinizə görə və fikirlərinizi söylədiyinizə görə minnətdarlığımı bildirim.
Həmin iclasda qanun layihəsi ətrafında 14 millət vəkili çıxış etmişdir. Hörmətli deputat həmkarlarımızdan Fəttah Heydərov, Elton Məmmədov, Musa Quliyev, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Fəzail Ağamalı, Yaqub Mahmudov, Aydın Mirzəzadə, Azay Quliyev, Vasif Əliyev, Fərrux Zeynalov, Səttar Möhbalıyev, Əli Hüseynov, Gültəkin Hacıyeva qanun layihəsi üzrə bir sıra suallar vermiş, irad və təkliflərini bildirmişlər. Əsasən, bu qanunun böyük əhəmiyyətindən danışan deputatlar onun əhali arasında daha geniş təbliğini önə çəkmişlər. Bununla əlaqədar diqqətinizə çatdırmaq istəyirəm ki, ötən müddət ərzində kütləvi informasiya vasitələrində, televiziya ekranlarında həm bizim komissiya üzvləri, həm də ki, icra strukturlarının nümayəndələri geniş diskussiyalar aparmış və əhalini bu qanun layihəsinin əhəmiyyəti və vacibliyi ilə əlaqədar məlumatlandırmışlar. Qanun layihəsi Həmkarlar İttifaqları Konfederasiyasında da geniş müzakirə olunmuşdur. Konfederasiyanın xüsusi işçi qrupu layihə ilə əlaqədar çoxlu təkliflər vermiş və o təkliflər yenə də bizdə müzakirə olunmuşdur.
Qanun layihəsi Milli Məclisin 6 komissiyasında – Sosial siyasət, İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, Aqrar siyasət, İnsan hüquqları, Regional məsələlər daimi komissiyalarının birgə iclaslarında hərtərəfli, maddə-maddə geniş müzakirə olunmuşdur. Debatlarda qeyd etdiyimiz deputatlardan başqa bizim komissiya sədrləri və digər deputatlar geniş fikir mübadiləsi apararaq, qanunun təkmilləşdirilməsi və pensiyaçıların mənafeyinin müdafiəsi üçün bir sıra əlavə təklif, irad və rəylərini çatdırmışlar.
Həm Milli Məclisin iclasında, həm də daimi komissiyaların birgə iclaslarında səsləndirilmiş təkliflər qanunvericilik təşəbbüsü hüququ subyekti ilə geniş müzakirə olunmuş və biz çox çətinliklə də olsa, bir sıra razılıqlar əldə etmişik. Nəticədə, layihəyə 65 kiçik və böyük dəyişiklik edilmişdir. Bu çox nadir hallarda belə olur. Buna görə mən ilk növbədə Prezidentimizə və Prezidentin İcra Aparatına minnətdaram. Sizə paylanan layihə ilə dünən biz hörmətli sədrimizin yanında yığıldıq və dünən də layihəyə 8 əlavə və dəyişiklik edildi. Bu gün qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimizin qayğısı və diqqəti nəticəsində bu qanunda dəyişikliklərin maliyyə tutumu köhnə manatla 50 milyon manat təşkil edir. Təsəvvür edin ki, bu məbləğ pensiyaçıların, sosial durumu ağır olan insanların vəziyyətini nə qədər yaxşılaşdıracaqdır. Buna görə biz Prezidentimizə minnətdarlığımızı bildiririk.
Dünən hörmətli Oqtay müəllimin yanında yığılıb etdiyimiz son dəyişikliklər barədə sizə məlumat vermək istərdim. Çünki sizə paylanan layihədə bunlar yoxdur.
11.2-ci maddədə “və” bağlayıcısı çıxarılmış, “alternativ” sözü mötərizədə verilmişdir.
14.1 və 14.1.3-cü maddələr aşağıdakı yeni redaksiyada verilmişdir: “təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək”. Sizdəki variantda 22 yaşdır və orada “təhsil müəssisəsi” sözləri yazılmayıb. Bu da bizim əhalinin mənafeyini müdafiə edən addımdır.
15-ci maddənin adından və 15.1-ci maddədən “ailə başçısını itirməyə görə” sözləri çıxarılmışdır.
16-cı maddənin adından “ailə başçısını itirməyə görə” sözləri çıxarılmışdır. 16.1-ci maddədən “valideynlərlə” sözündən sonra “bir səviyyədə” sözləri çıxarılmışdır. 16.2-ci maddədə “yetkinlik yaşına çatmayanlar”, “14.1-ci maddə” sözləri “bu qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər” sözləri ilə əvəz olunmuşdur.
18.1-ci maddədə “vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün” sözlərindən sonra “habelə vəfat etmiş ailə başçısının bir övladı olduqda həmin şəxs üçün” sözləri əlavə edilmiş və həmin maddədə “məbləğinin 100 faizi həcmində” və “məbləğinin 50 faizi həcmində” sözləri müvafiq olaraq “əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində” və “əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır” sözləri ilə əvəz olunmuşdur.
31.3-cü maddə aşağıdakı yeni redaksiyada verilmişdir: “Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir”.
Mən bu layihəyə edilmiş bütün əlavə və dəyişiklikləri deyib vaxt almaq istəmirəm. Sadəcə olaraq, burada bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. 9.2-ci maddədə liliputların pensiya yaşını birinci oxunuşdan fərqli olaraq 42 və 47 yaşa endirmişik. Bu, mütərəqqi addımdır.
11.1.3-cü maddədə də yaxşılaşma gedib və maddə aşağıdakı yeni redaksiyada verilib: “yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideyndən biri və ər, arvad, yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına baxırsa və işləmirsə”. Bu maddə ətrafında çoxlu mübahisələr var idi. Bunu Rusiyanın və digər ölkələrin qanunlarına uyğunlaşdırmaq istəyir və söyləyirdilər ki, bunu 14 yaşına çatdıraq. Biz geniş diskussiyalardan sonra bu gün bunu etməyin mümkün olmadığı qənaətinə gəldik və Oqtay müəllim məsləhət bildi ki, ilin sonunda bu məsələyə bir də qayıdaq. Bu gün biz dövlət büdcəsini və Sosial Müdafiə Fondunun büdcəsini artıq təsdiq etdiyimizə görə bu məsələni sonraya saxladıq. Söz verilib ki, buna sonradan yenə baxılacaq.
18.1-ci maddədə olan son dəyişiklik sizə paylanmayıb. O dəyişiklik də çox önəmli dəyişiklikdir. Orada da bizim sosial müdafiəyə ehtiyacı olan adamların mənafeyinə xidmət edən dəyişiklik edilibdir.
27 və 28-ci maddələr yeni redaksiyada verilib. Gördünüz ki, orada nə qədər böyük mətn var. Biz burada prokurorların və digər işçilərin pensiya almasını da məmurların pensiya almaq formasına uyğunlaşdırmışıq. Yəni orada da yaxşılaşma istiqamətində xeyli iş aparılıb.
Bu qanunun ən vacib maddələrindən biri 29-cu maddədir. Baxsanız, görərsiniz ki, biz orada nə qədər kəskin dəyişikliklər etmişik. O dəyişikliklərin çox böyük əhəmiyyəti var. Maddənin adından artıq görünür ki, pensiyalar mütləq artırılmalıdır. Yəni maddə bunu artıq özündə ehtiva edir. Əgər fikir versəniz, yeni dəyişikliklər nədən ibarətdir. Burada istehsal qiymətlərinin indeksini əlavə etmişik. Bunu Vahid Əhmədov və digər yoldaşlar təklif etmişlər. Biz, nəhayət, böyük çətinliklə bu sözləri bura saldıq. Nəyə görə? Siz bilirsiniz ki, bu, inflyasiya ilə bağlı olan məsələdir. Biz, beləliklə, pensiyaları, demək olar ki, inflyasiyadan qoruyuruq. Bu addımı möhtərəm Prezidentimiz dəstəkləyir və müdafiə edir. Siz görürsünüz ki, orada yenidən indeksləşmə məsələsi var. Bunun özü də bu qanunun əhəmiyyətini xeyli yüksəltmiş olur. Çünki bu qanunla biz pensiyaçıların mənafeyini birbaşa və bütövlükdə tam müdafiə edirik.
Burada bəzi başqa məsələləri də istəyirəm diqqətinizə çatdıram. “Pensiya” sözü həm komissiyanın iclaslarında, həm də parlamentin iclasında diskussiyaya səbəb oldu. Biz “pensiya” sözünün “təqaüd“ sözü ilə əvəz olunmasına bütövlükdə razılaşırıq. Həm Konstitusiyada, həm də başqa qanunlarımızda “təqaüd” sözü işlədilir. Bir variant o idi ki, dedilər, təqaüd daha geniş məna kəsb etdiyindən bunu pensiya ilə əvəz edək, çünki pensiya təqaüdün bir hissəsidir. Həqiqətən, bizim Konstitusiyada və digər normativ aktlarda bu var. Bu gün Azərbaycanda pensiya haqqında 7 qanun mövcuddur. Bundan başqa biz Sosial Müdafiə Fondunun büdcəsini təsdiq etmişik. Orada da, bizim dövlət büdcəsində də “pensiya” sözü işlənib. Biz baxdıq ki, bütövlükdə 100-ə yaxın qanunda dəyişikliklər aparılmalıdır. Ona görə belə razılaşdıq ki, bu qanunda bunu “pensiya” sözü ilə verək, sonradan isə işləyib bütün qanunları tapaq və o qanunların hamısına bir qanun layihəsi ilə dəyişiklik edək. Buna da ya ilin sonunda, ya da yaz sessiyasının sonunda qayıdacağıq. Biz hesab etdik, siz bizim bu qərarımızla razılaşarsınız.
Layihənin içərisində düstur var idi. Bizim bəzi deputatlar söylədilər ki, bəlkə düsturu çıxaraq və qanunu yüngülləşdirək. Biz başqa ölkələrin, Polşanın, Rusiyanın qanunlarına da baxdıq. Bunu sözlə də yazdıq. Sonradan hamımız razılığa gəldik ki, sözlə yazanda daha çətin olur, nəinki düstur şəklində. Biz qərara aldıq ki, orada düstur şəkli qalsın, çünki bu daha aydın olur. Pensiyaçının, sadə vətəndaşın hesablama aparması üçün o düstur daha əlverişlidir.
Sizin yadınızdadırsa, burada pensiya yaşını azaltmaq barədə də fikirlər səslənmişdi. Deyirdilər ki, qadınların pensiya yaşı 57-dir, amma onların ömür müddəti 75-dir, kişilərin pensiya yaşı 62-dir, halbuki onların orta ömrü 69-dur. Fikir var idi ki, kişilərin pensiya yaşını aşağı salaq, qadınların pensiya yaşını yuxarı qaldıraq. Bu məsələyə sonradan yenə də baxdıq və hesab etdik ki, bugünkü vəziyyətdə buna toxunmamaq daha düzgündür və bu bir daha bizim xanımların mənafeyinin qorunmasına xidmət edəcək. Bu baxımdan hesab etdik ki, bu qalsın.
Ən narahat, ən ciddi məsələlərdən biri də zaman-zaman əmək haqlarının artması ilə bağlı olaraq pensiyaların yenidən hesablanması məsələsi idi. Biz bunu izah etdik. 1993-1997-ci illərdə müəllimlər və digər işçilər üçün əmək haqları aşağı, sonrakı illərdə yüksək olmuşdu. 2005-ci ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə xüsusi dəyişikliklər, düzəlişlər aparıldı və həmin pensiyalar indiki pensiyalara uyğunlaşdırıldı. Bunun hesabına pensiyalar orta hesabla 42,2 faiz artdı. Biz həmin məsələni dünən axşam bir daha hörmətli sədrimizin yanında müzakirə etdik. 2 məsələ burada aydın oldu. Birincisi, həmin o əməliyyatın maliyyə tutumunun hesablanmasının mümkün olmaması və ikincisi, biz bu qanunla fərdi uçota və bütövlükdə yeni sistemə keçdiyimiz üçün pensiyaların artırılması məsələsinə başqa bir normativ aktda baxmaq daha məqsədəmüvafiqdir, nəinki bu qanunda. Əgər biz o dəyişikliyi bu qanunda etsək, bütövlükdə pensiya sistemində böyük narahatçılıq yarada bilərik. Bunu həm icra strukturunun nümayəndələri dedi, həm də mütəxəssislər.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, gündəliyin ikinci və üçüncü məsələsinə həm komissiyalarda, həm də ayın 30-da bizim müzakirələrdə paralel baxılıb. İcazə versəydiniz, bu qanunları bir yerdə təqdim edərdilər, müzakirələri sonra ayrı-ayrı aparardıq.
H. Rəcəbli. Çox sağ olun, Oqtay müəllim. Həqiqətən, bu layihə ətrafında, demək olar ki, deputat həmkarlarımızın mübahisə mövzusu yox idi. Mən istəyirəm ki, bizim komissiya üzvlərinin fəaliyyətini bu gün vurğulayaq. Hörmətli Musa Quliyev, İlham müəllim, Rauf müəllim bizim komissiya üzvləri qanun layihələrinə çox ciddi yanaşıblar, baxıblar, qeydlər veriblər.
Burada iki düzəliş etdik. Bu düzəlişlər sosial müavinət alanların mənafelərinə xidmət edir. Biz 8-ci və 9.1-ci maddələrdə düzəlişlər etmişik. Bunlar nədən ibarətdir? Əmək pensiyasında olduğu kimi, sosial müavinətlərdə də yazılır ki, vaxtaşırı, ildə bir dəfədən az olmayaraq bunların da pensiyası artırılsın. Köhnə qaydaya görə pensiya yaşına çatan şəxs müraciət etdiyi vaxtdan əmək pensiyası almaq hüququ qazanırdı. Amma indiki qanunda müraciət etdiyi vaxtdan asılı olmayaraq, pensiya almaq hüququ yaranan andan, yəni 62 yaşından, 57 yaşından onun pensiyası hesablanır. Biz bu halı, eyni zamanda, sosial müavinətlərə də şamil etdik. Bu da, mən hesab edirəm ki, hər iki halda yaxşı düzəlişdir. Bütövlükdə mən deputat həmkarlarımı konstruktiv diskussiyaya çağırır və xahiş edirəm ki, mümkünsə, bu sənədi həm ikinci, həm də üçüncü oxunuşlarda müzakirə edib bir yerdə səsverməyə qoyaq.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Komissiya sədrlərindən İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunan Əmək pensiyaları haqqında və Sosial müavinətlər haqqında qanun layihələri 6 komissiyanın iclasında geniş müzakirə obyekti olmuşdur. Bu müzakirələrdə İqtisadi siyasət daimi komissiyasının üzvlərinin, demək olar ki, hamısı öz təkliflərini vermiş və müvafiq tövsiyələr etmişdir. Ondan sonra İqtisadi siyasət daimi komissiyası işçi qrupu ilə birlikdə, Dövlət Sosial Müdafiə Fondunun işçiləri ilə birlikdə araşdırmalar aparmış, hər bir maddə ilə əlaqədar fikir mübadiləsi etmişdir. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, bu qanun layihəsi beynəlxalq standartlara cavab verir və Azərbaycanda pensiya sahəsində, sosial sahədə islahatların yeni keyfiyyət mərhələsinə keçməsi üçün şərait yaradır.
Mən çox razılıq hissi ilə qeyd etmək istəyirəm ki, dünən hörmətli Oqtay müəllimin yanında görüşdən sonra bir daha Səlim müəllimlə görüşdük. Komissiya üzvlərinin çoxunu narahat edən bir sıra məsələlər barədə fikir birliyinə nail olduq.
Ən vacib məsələlərdən biri gəlirlərin, pensiyaların indeksləşdirilməsi məsələsi idi. Çoxsaylı hesablamalar apardıq və Dövlət Sosial Müdafiə Fondu ilə, Sosial siyasət daimi komissiyası ilə birlikdə tam əmin olduq ki, əmək pensiyalarının indeksləşdirilməsi məsələsinin həlli bizim sosial sahədə aparılan siyasətin ən uğurlu nəticələrindən biri olacaqdır. Bilirsiniz ki, vaxtaşırı inflyasiya olur, qiymətlər artır və bəzən bunlar yaddan çıxır. Ona görə belə bir maddənin qanuna əlavə edilməsi, şübhəsiz ki, irəliyə atılmış bir addımdır.
Mən çox razılıq hissi ilə bildirmək istəyirəm ki, Sosial siyasət, İqtisadi siyasət daimi komissiyalarının üzvlərindən Vahid Əhmədov, Əli müəllim, Nazim müəllim və digər deputatların təkliflərində 14-cü maddə ilə əlaqədar fikir səsləndi. Orada söhbət nədən gedir? Ögey ananın ögey uşağa baxması, təhsillə əlaqədar müavinətlər – bütün bu məsələlər qanun layihəsində öz əksini tapmışdır. Dünən biz Oqtay müəllimin yanında olanda bir məsələni də qaldırdıq ki, 8 yaşından yox, 14 yaşına kimi hədd müəyyən edilsin. Səlim müəllimlə biz söhbət edəndən sonra belə razılığa gəlindi ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi təsdiq edilib. Amma bunu gələn ildən həll etmək üçün əlverişli şərait yaranacaq. Hesablamalara görə, ilin axırında Azərbaycanda orta pensiya məbləği 200 mindən yuxarı olacaqdır. Bu, nəzərdə tutulmuş rəqəmdir. İqtisadi inkişaf yüksəldikcə, sosial bazalarımız yaxşılaşdıqca bu sahədə də addımlar atılacaqdır. Mən İqtisadi siyasət daimi komissiyasının üzvləri Vahid müəllimə, Əli müəllimə, Azay müəllimə və digər yoldaşlara təşəkkür edirəm ki, müzakirə prosesində, doğrudan da, əməli məsələlər irəli sürüldü. Bütün bu təkliflərin hamısı nəzərə alınmışdır.
15-ci maddədə edilən dəyişikliklər maliyyə tutumludur. Hadi müəllim dedi, əlavə dəyişikliklərin maliyyə yükü 50 milyon manat təşkil edir. Şübhəsiz ki, bu da böyük bir rəqəmdir. İlin ortasında, büdcə təsdiq olunandan sonra belə bir rəqəmlə razılaşmaq bir daha göstərir ki, Azərbaycanda iqtisadiyyatımızın sosial yönümlü olması istiqamətində daha konkret addımlar atılır.
Mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Dünən hörmətli Prezidentin sərəncamı əsasında Ailə, Uşaq, Qadın Problemləri Komitəsinin yaradılması böyük hadisədir. Bu bizə imkan verəcək ki, gələcəkdə iqtisadiyyatımız gücləndikcə, ailə, uşaq və qadın problemləri ilə əlaqədar məsələlər daha sistemli həll olunsun. Bu, eyni zamanda, Əmək pensiyası haqqında qanunda da bir sıra dəyişikliklərin həyata keçirilməsinə əsas verəcəkdir. Mən deputat həmkarlarımı bu qanun layihələrinə səs verməyə çağırıram. Bir daha təkrar edirəm ki, iqtisadiyyatın güclənməsi, iqtisadi sahədə köklü dəyişikliklərin əldə edilməsi nəticəsində sosial sahədə uğurlarımız daha da artacaqdır və bu da gələcəkdə pensiyaların beynəlxalq standartlar səviyyəsində, orta əmək haqqı, yaşayış minimumu ilə əlaqələndirilməsinə imkan verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Söz verilir Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimova.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar! Məndən qabaq çıxış edən hörmətli həmkarlarımın dediyi kimi, bu qanun layihələri 6 komissiyanın və 48 deputatın iştirakı ilə geniş, ətraflı müzakirə olundu. Bəlkə də heç bir qanun bu qədər qızğın müzakirə olunmamışdı. 3 saata yaxın müzakirə getdi. Biz, yəni komissiyamızın üzvləri bu iclasdan sonra da ayrıca yığışdıq və fikir mübadiləsi apardıq. Bu qanunu tamamilə dəstəkləyirik. İstər birinci oxunuşda, istər komissiyanın iclasında, istərsə də sonra, hörmətli Sədr, Sizin yanınızda keçirilmiş iclasda deyilən bütün təkliflərlə əlaqədar olaraq qanun layihəsinə 65 dəyişikliyin edilməsi, əlbəttə, çox yaxşı haldır və bu qanunun yaxşılaşması istiqamətində atılan böyük addımdır.
Hörmətli Sədr, mənim xahişim, təklifim ondan ibarətdir ki, bu qanunu birinci oxunuş predmeti etməyək, ikinci oxunuşun predmeti olaraq fəsil-fəsil müzakirə eləyək. Səlim müəllim buradadır. Hər halda deputat həmkarlarımın fəsillər üzrə, maddələr üzrə nə təklifləri olarsa, yəqin ki, hamımız o məsələlərə cavab verərik. Komissiyamızın adından deyirəm, gəlin, bu gün bu qanunu ikinci və üçüncü oxunuşlardan keçirək. Çünki maliyyələşməni də biz gərək gecikdirməyək. Pensiyaçılarımız bu qanunu gözləyir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Hörmətli millət vəkilləri, müzakirəyə başlamamışdan qabaq nəzərinizə çatdırım ki, əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Əli müəllim, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və onların müvafiq şöbələrinin rəisləri də bugünkü iclasda iştirak eləyirlər. Suallar olanda onlar da cavab verə bilərlər.
Hörmətli millət vəkilləri, Milli Məclisin Daxili Nizamnaməsinə görə, ikinci oxunuş fəsil-fəsil getməlidir. Bu qanun 47 maddədən, 10 fəsildən ibarətdir. Nə təklif edirsiniz? Fəsil-fəsil müzakirə eləyək? Onda xahiş edirəm, I fəslə dair kimin sualı varsa, onlar yazılsın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirə bütövlüklə olsun, səsvermə fəsil-fəsil? Neçə dəqiqə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 3 dəqiqə. Müzakirəyə başlamazdan qabaq Daxili Nizamnaməyə görə biz bu qanun layihələrini əsas kimi qəbul eləməliyik. Xahiş eləyirəm, qanun layihələrinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 3
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. İndi müzakirələrə başlayaq. Söz verilir Gülhüseyn Əhmədova.
G. Əhmədov. Cənab Sədr, hörmətli deputatlar! Təqdim olunmuş qanun layihəsi günün ən aktual məsələlərindəndir. İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial müdafiə məsələlərinə daha çox diqqət yetirilməsi artıq hörmətli respublika Prezidentinin ardıcıl olaraq həyata keçirdiyi siyasətdə prioritet təşkil edir. Ona görə mən sadaladıqlarımı əsas tutaraq bu qanun layihələrinə müsbət münasibətimi əvvəlcədən bildirəcəyimi qeyd eləyir və deputat həmkarlarımı da onlara səs verməyə çağırıram.
Fürsətdən istifadə edərək bir neçə təklifimi irəli sürürəm. Qanunda II fəslin “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsinin 4-cü bəndinə görə, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Mən təklif edərdim, burada yazılsın ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşından asılı olmayaraq əmək pensiyası almaq hüququ vardır.
Hörmətli Hadi müəllim burada qeyd elədi ki, onlar dünən 18.1-ci maddəni müzakirə eləyib, əmək pensiyasının baza hissəsinin 100 faiz saxlanılmasını təklif eləyiblər. Mən bununla razılaşıram. Çox yaxşı təklifdir. Elə mən də onu təklif edəcəkdim. Artıq ona qayıtmaq istəmirəm. Hörmətli Səlim müəllimin burada iştirak eləməsindən istifadə edərək istərdim, öz münasibətini bildirsin. Belədir ki, Milli Məclisin deputatlarının statusu haqqında qəbul edilmiş qanunda vaxtilə deputat olmuş və pensiya yaşına çatmayan deputatların əlil olarkən onlara əlillik pensiyasının hansı mexanizmlə həll edilməsi öz əksini tapmamışdır. Yaxşı olardı ki, bu məsələyə də Səlim müəllim öz münasibətini bildirsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən qanun layihəsinin əhəmiyyəti haqqında danışmaq istəmirəm. Bu hamıya bəllidir. Bu gün işsizliyin tüğyan elədiyi bir vəziyyətdə əhalinin ən çox çətinlik çəkən hissəsi pensiyaçılardır və ona görə də bu qanunun təcili olaraq qəbul edilməsi onların hüquqlarının təminatı baxımından ən azı irəliyə doğru bir addım olar. Hesab edirəm ki, inflyasiyadan qorunma məsələsinə görə komissiyanın gəldiyi nəticələr də qənaətbəxş sayılmalıdır. Çünki ən vacib məsələ odur. Bunu bilavasitə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə buraxmaq pensiyaçıları olduqca çətin vəziyyətdə qoya bilər.
Mən bu qanunla bağlı konkret nələri demək istəyirəm? Burada xırda detallara qədər, məncə, mükəmməlləşdirməyə ehtiyac var. Qanunun tamlığı baxımından I fəslin “Əsas anlayışlar” adlı 1-ci maddəsində 5-ci maddədə qeyd edilmiş “qeyri-dövlət pensiyası” anlayışının açılışı verilməlidir. Orada qeyri-dövlət pensiyası anlayışından danışılır. Düzdür, orada bir dəfə qeyd olunur. Amma hər bir halda qanunda hər hansı bir termin işlənirsə, onun əsas anlayışlarda açılışının verilməsi vacibdir.
3-cü maddədəki birinci cümlənin əvvəlinə, mənim fikrimcə, bu sözlər əlavə olunmalıdır: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda və imzaladığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa”. Bu təqdirdə 3-cü maddədəki ikinci cümlənin olmasına zərurət qalmaz. Çünki burada yazılır ki, “Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatını təmin edən xarici dövlətlərin Azərbaycan Respublikasında yaşayan vətəndaşlarına münasibətdə tətbiq edilir”. Nəzərə almaq lazımdır ki, əmək pensiyası fərdi prosedurdur və burada ayrıca bir dövlətin münasibəti əsas götürülə bilməz. Məsələn, Almaniyada hansısa azərbaycanlıya hələ əmək pensiyası müəyyən olunmayıbsa, bunu əsas götürüb hansısa bir almanı Azərbaycanda bu hüquqdan məhrum eləmək olmaz. Bu baxımdan, məncə, burada qeyri-dəqiqlik var və ikinci cümlə buradan çıxarılmalıdır.
II fəslin 9.4-cü maddəsində prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasında, məncə, natamamlıq var. Çünki burada daxili işlər orqanları, Milli Təhlükəsizlik Nazirliyi və sairləri qeyd edilmirsə, onda prokurorluğun əlahiddəliyinin səbəbi göstərilməlidir. Bu niyə məhz prokurorluğa aid edilibdir?
III fəslin 11.1-ci maddəsində iki yerdə işlənən məhdudlaşdırılması” sözü “məhdudlaşması” sözü ilə əvəz olunmalıdır. Çünki əmək qabiliyyəti kimsə tərəfindən məhdudlaşdırılmır. Məhz şəxsin özünün faktiki fiziki vəziyyətinə görə özlüyündən məhdudlaşa bilər. Bu, hüquqi deyil ki, məhdudlaşsın. Bu, faktiki fiziki vəziyyətdir. Ona görə də bu cümlə dəqiqləşdirilməlidir.
11.1-ci maddənin ikinci cümləsində “əlillik faktının tanınması” sözləri əlavə olunmalıdır. Eyni zamanda, “əlilliyin səbəbləri” ifadəsinin “əlilliyə səbəb olan hallar” kimi verilməsi daha məqsədəuyğun olardı. Burada bəzi texniki qüsurlar da var, “üz verərsə” sözləri “baş verərsə” sözləri ilə əvəz olunmalıdır.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, mən Sizə öz təşəkkürümü bildirirəm ki, dekabrın 30-da biz bu qanunu birinci oxunuşda qəbul eləyəndə Siz bir sıra millət vəkillərinin bu qanunu hər üç oxunuşda birdən qəbul etmək təklifi ilə razılaşmadınız. Siz qərar çıxardınız ki, layihə komissiyalara verilsin və komissiyalarda baxılandan sonra Milli Məclisə çıxarılsın. Artıq deputat həmkarlarım qeyd elədilər. Keçən müddət ərzində bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasının iclasında işçi qrupunun, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələrinin iştirakı ilə ciddi müzakirələrdən keçib. Bundan sonra 5 komissiya bir yerdə yığılıb və bir sıra təkliflər həmin komissiyaların birgə iclasında müzakirə olunub. Mən ən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və bu qanunu işləyən şəxslərə öz minnətdarlığımı bildirirəm. Çünki bu qanun, doğrudan da, təqdirə layiq qanundur və Azərbaycanda pensiya islahatını aparmaq üçün çox gözəl bir zəmin yaradır. Keçən müddət ərzində verdiyimiz təkliflərin müəyyən hissəsi komissiya tərəfindən qəbul olunub və qanunda müəyyən dəyişikliklər edilib. Amma bir sıra maddələr var ki, mən onlara münasibətimi bildirmək istərdim.
22-ci maddədə sabiq deputatlarla əlaqədar maddə var. Qanun layihəsində sabiq deputatlar deyəndə 1995-2005-ci illərin deputatları nəzərdə tutulur. Bizə həddən artıq müraciətlər, yazılı müraciətlər də, şifahi müraciətlər də var. Siz bilirsiniz ki, Azərbaycanın müstəqilliyi ilə əlaqədar bütün atributları 1990-1995-ci illərin deputatları qəbul eləyib. Mən bunu Dövlət Sosial Müdafiə Fondunun sədrinə də, komissiya sədrlərinə də, deputat həmkarlarıma da demişəm. Həmin illərin deputatlarının əksəriyyəti vəfat eləyib. Yerdə qalanlar olduqca az insanlardır. Xahiş edərdim, 1990-1995-ci illərdə Milli Məclisin üzvü olmuş həmin deputatlar da bu qanuna salınsın, yəni pensiya ilə təmin edilsinlər.
İkinci ciddi məsələ qanunun 29-cu maddəsi ilə əlaqədardır. Hadi müəllim öz çıxışında qeyd elədi. Bəli, bizim verdiyimiz təklif, yəni pensiyaların, o cümlədən onun baza hissəsinin və sığorta hissəsinin indeksləşdirilməsi qəbul olundu. Amma gəlin, diqqət edək. Bu gün Azərbaycanda minimal əmək pensiyası 125 min manatdır. Ölkədə gedən inflyasiya isə 10 faizə yaxındır. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında hörmətli Prezidentimiz cənab İlham Əliyev qeyd elədi ki, 2006-cı ildə bu birrəqəmli inflyasiya 10 faizdən aşağı olmalıdır. Prezident o cümlədən qeyd elədi ki, əhalinin pensiyası və yaşayış minimumu olduqca aşağıdır və bu məsələlərə baxmaq lazımdır.
Mən yoldaşların diqqətinə çatdırmaq istəyirəm ki, 2004-cü il oktyabrın 5-də Milli Məclisdə yaşayış minimumu haqqında qanun qəbul edilib. Həmin qanuna cənab Prezident oktyabrın 5-də imza atıb. Orada yaşayış minimumu ilə əlaqədar icra orqanlarının gördüyü işlər sadalanıb və göstərilib ki, qısa müddət ərzində əhalinin pensiyası yaşayış minimumu həddinə gətirilib çatdırılmalıdır. Bu gün bizim aldığımız statistik məlumatlara görə Azərbaycanda yaşayış minimumu köhnə manatla 260 min manata, istehlak səbəti isə 360 min manata yaxındır.
Yoldaşlar qeyd eləyirlər ki, əmək pensiyasının baza hissəsini qaldırmaq üçün vəsait qıtlığı var. Bunu 2 mərhələdə də aparmaq olar. Yəni əvvəlcə bunun baza hissəsini yaşayış minimumuna çatdırmaq, sonra isə istehlak səbətinə yaxınlaşdırmaq.
Dövlət Sosial Müdafiə Fondunun sədri öz çıxışlarında, o cümlədən AzərTAca informasiyasında qeyd edir ki, 2006-cı ilin axırına qədər əmək pensiyasının minimum hissəsi haradasa 40 yeni manata, 2007-ci ildə isə 70 yeni manata çatdırılacaqdır. Yəni bunu təxminən bu ilin axırına qədər 200 min manata və 2007-ci ilin axırına qədər 300 min manata çatdırmaq nəzərdə tutulub. Əlbəttə, mən başa düşürəm, bu, büdcə ilə əlaqədar bir şərtdir. Amma onu da nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda minimal əmək pensiyası alan insanların sayı 720 minə yaxındır və bu insanların əksəriyyətinin yaşayış səviyyəsi həddindən artıq aşağıdır. Bildiyiniz kimi, 125 min manatla dolanmaq həddindən artıq çətindir.
Oqtay müəllim, nəzərinizə çatdırım ki, bu layihə komissiyada müzakirə olunanda biz xahiş elədik ki, Dövlət Sosial Müdafiə Fondu bizə hesablama gətirsin. Yəni biz havadan danışmayaq.
Sədrlik edən. Çox sağ olun. Fondun sədri buradadır. Sonra cavab verər sizə. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, hörmətli Sədr. Mən də bizim hörmətli komissiya sədrlərinin məndən əvvəl dedikləri fikirlə razıyam. Çünki qanunun bizim sosial həyatımız üçün, xalqımızın rifahı üçün, güzəranı üçün zəruriliyi barədə fikir söyləməyə ehtiyac yoxdur. Qanunun qəbul edilməsi vaxtında atılan ən uğurlu və gərəkli addımlardan biri kimi qiymətləndirilməlidir. Mən qanunun müəlliflərinə, eyni zamanda, Prezident Aparatına, ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm ki, qeyd olunan çoxsaylı dəyişikliklərin aparılmasına icazə verildi. Biz ümumi bir fikrə gəldik və qanunun işlək mexanizmə çevrilməsinə nail olduq. Güman edirəm ki, bu qanun bizim indiyə qədər qəbul etdiyimiz qanunlar içərisində ən mükəmməl qanunlardan biri kimi dəyərləndirilməlidir.
Amma mənim də bir neçə xırda təklifim var. Onlar artıq müzakirələr zamanı deyilmişdir. Mən onu xüsusi qeyd etməliyəm ki, burada insanları narahat edən məsələlərdən biri inflyasiyanın onların pensiyalarına, gəlirlərinə vurduğu zərərdir. Bu məsələ barədə çox ciddi tədbir görüldü. Xüsusilə insanların pul gəlirlərinin dünya ənənələrinə uyğun olaraq diskontlaşdırılması prosesinin burada təmin edilməsi qanunda öz əksini tapır. Bu da gələcəkdə pensiyaçıların inflyasiyadan zərər çəkməsinin qarşısını alacaqdır.
1-ci maddədə belə bir ifadə gedir: “itkilərin, yəni ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişləri”. Bu təqaüdü biz gəlir adlandıra bilmərik. Ona görə burada “itirdikləri gəlir” ifadəsi düz deyil. Bunu “onlara çatası vəsait”, “onların almalı olduqları vəsait” kimi yazmaq bəlkə daha çox yerinə düşərdi.
10-cu və 13-cü maddələrdə çoxlu düsturlar verilir. Amma bu düsturların izahı olmadığına görə ali təhsilli mütəxəssis də bəlkə onu başa düşməkdə çətinlik çəkir. Xahiş edərdim, mümkünsə, bunların izahı verilsin. Çünki hamı bilmir, kəsiri kəsirə vurmaq üçün qayda nədir. Rayonlar üzrə əmsallar əmək haqqında verilir. Bu bizim əmək haqqı sistemində, qanunvericilikdə öz əksini tapıbdır və pensiyalar da ona uyğun hesablanır. Ola bilər, qanun müəllifləri deyərlər ki, onsuz da pensiyalar həmin o əmək haqqına görə hesablanır. Amma qeyri-adi hal da ola bilər axı. Ola bilər, pensiya hesablanan zaman əlilliyinə görə bu adam yaşayış yerini dəyişsin. O məsələ burada öz əksini tapmır. Yaxşı olardı ki, Səlim müəllim, komissiya sədrləri, hörmətli müəlliflər buna nəzər yetirsinlər.
Məncə, bu qanun layihəsi müvafiq tələblərə ümumən cavab verir və onun bu gün qəbul edilməsi məqsədəuyğundur. Ölkəmizdə, iqtisadiyyatda, sosial siyasətdə, beynəlxalq münasibətlərdə əldə olunan nailiyyətlər camaatın maddi rifahında öz təcəssümünü tapmalıdır. Bu baxımdan da mən qanunu zəruri hesab edirəm və onun qəbul edilməsinin tərəfdarıyam.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə elədiyimiz hər iki qanun Azərbaycanda çox mühüm hadisədir. Ona görə ki, bu, 1 milyon 360 min pensiyaçının, yəni Azərbaycan əhalisinin 16 faizindən çoxunun bilavasitə maraqları ilə bağlı məsələdir. Bu qanunlar, eyni zamanda, 260 mindən artıq əlil insanın mənafeyi ilə bağlıdır. Ona görə də məntiqi suallar ortaya çıxır ki, bu qanunların qəbul edilməsi Azərbaycanda pensiyaçıların bütövlükdə həyat səviyyəsinin yaxşılaşmasına, yoxsulluğun azalmasına necə təsir göstərəcək və bu qanunlar qəbul ediləndən sonra həmin kateqoriyaya aid olan insanların yaxın vaxtlarda həyat səviyyəsində hansı dəyişiklik olacaq.
Bu qanunun fəlsəfəsi beynəlxalq praktikada geniş tətbiq olunan prinsip əsasında qurulub. Yəni kim nə qədər çox qazanır və yığıma nə qədər çox vəsait cəlb edirsə, pensiyaya çıxanda daha çox pensiya alacaqdır. Bu, düzgün variantdır. Amma gələcəyin qanunu, gələcəyin prinsipidir. Çünki hələlik bu prinsipdən yaxın 10 ildə Azərbaycanda pensiyaçılar lazımi səviyyədə bəhrələnə bilməyəcəklər. Xüsusən yığım hissəsi hələ 10 ildən sonra yığılıb ortaya bir normal vəsait şəklində çıxacaq. Ona görə də məntiqi bir sual ortaya çıxır ki, bəs indi, yaxın illərdə pensiyaçılara bu qanun nə verəcək?
Biz 6 komissiyada müzakirə zamanı bu məsələlərin bir hissəsini həll etdik. Amma çox təəssüflər olsun ki, bəzi məqamlar açıq qalıb. Onları konkret surətdə sizin nəzərinizə çatdırıram. 29-cu maddədə əgər biz əmək pensiyalarının indeksləşdirilməsi vasitəsi ilə onu inflyasiyadan qoruyuruqsa, o yenə də indi nə səviyyədədirsə, gələn il də onun alıcılıq qabiliyyətinin o səviyyədə olmasını qorumaq deməkdir. Amma biz əvvəlcə bunu yaşayış minimumuna çatdırmalıyıq. Bu təqdirdə insanların yaşayış minimumundan aşağı pensiya almaması üçün bir təminat yaranacaq. Bu nöqteyi-nəzərdən təklif edirəm ki, 10.1-ci maddədə “Yaşa görə əmək pensiyasının bazis hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir” cümləsi “Yaşa görə əmək pensiyasının bazis hissəsinin məbləği yaşayış minimumuna uyğunlaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir” cümləsi ilə əvəz olunsun.
Bu, bilavasitə Azərbaycan Konstitusiyasından, yaşayış minimumu haqqında qanunun tələbindən, eyni zamanda, Azərbaycanın qoşulduğu Avropanın sosial xartiyasının prinsiplərindən doğur. Bizim müvafiq qanunumuzda da bu gün müvafiq maddə var ki, Azərbaycan qanununun hansısa maddəsi beynəlxalq sazişlərə uyğun gəlmədikdə beynəlxalq sazişlərin maddələri işləyir. Qanunun əsasına belə bir dinamizmin qoyulması çox mühüm əhəmiyyət kəsb edər.
Dəqiq hesablamalar aparıb bunu müqayisədə göstərəndə aydın olacaq ki, əgər indiki variantda qanun qəbul olunan zaman onun maliyyə tutumu 10 milyon yeni Azərbaycan manatıdırsa, bunu əvvəlcə yaşayış minimumuna, sonra isə işləməyənlər üçün minimum istehlak büdcəsinə çatdıran zaman təqribən 190 milyon Azərbaycan manatı tələb olunur. Bunu indi eləməyin mümkünsüzlüyü dərk olunsa da, hər halda yaxın illər üçün bu gün dinamizmi bura qoymaqla udmuş olacağıq. Qanun qəbul edilən zaman müvafiq normativ aktlarda da o maddəni inkişaf etdirmək olar ki, yaxın il yarım, iki il, üç il ərzində pensiya məbləğini minimum istehlak büdcəsinə yaxınlaşdırmaqla onun inflyasiyadan qorunması daha məqsədəuyğun variantdır. Bu, həmin qanun ətrafında olan söz-söhbətləri aradan qaldıracaqdır.
Digər ciddi məsələ isə bu qanunun 19-cu maddəsinin 1-ci bəndində şəhid ailələri ilə bağlı məsələdir. Orada əlavələrin 30 faizdən 50 faizə çatdırılması şəhid ailələri üçün əlavə bir mənbə olar və onların vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2005-ci il dekabrın 30-da biz hər iki qanun layihəsini Milli Məclisin növbəti iclasında geniş müzakirə elədik. Sonradan bu qanun layihəsi komissiyalar tərəfindən geniş müzakirə olundu və bu gün də Hadi müəllim bu müzakirələrdən sonra yenə xeyli əlavəni bizim diqqətimizə çatdırdı. Bu onu göstərir ki, bu qanun çox mükəmməl işlənir. Bu qanunun möhtərəm Prezidentimiz tərəfindən Milli Məclisə göndərilməsi və bu qanun üzərində hər cür müvafiq təkliflərlə çıxış edilməsi üçün onun şərait yaratması bizim üçün çox qiymətli bir məsələ hesab olunmalıdır.
Əmək pensiyaları haqqında qanunun 1.0.1-ci maddəsində “və” bağlayıcısından sonra “məcburi dövlət” sözləri əlavə edilsin. Yəni “məcburi dövlət sosial sığorta olunan şəxslərin”. “Dövlət” sözü olmasa, onun hüququ bir qədər aşağı olur.
Maddə 2-nin 1-ci bəndində “Əmək pensiyaları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından” sözlərindən sonra “bu qanundan” sözləri əlavə olunsun.
9.4-cü maddədə “prokurorluq orqanları” sözləri “hüquq mühafizə orqanları” sözləri ilə əvəz edilsin. Təkcə prokurorluğa aid deyil, bütün hüquq mühafizə orqanlarına aid olan məsələlərdir. Ona görə əlavə edilsin.
14-cü maddənin 14.1.1.1 yarımbəndində “18 yaşına çatmamış” sözləri “yetkinlik yaşına çatmamış” sözləri ilə əvəz edilsin.
14-cü maddəyə aşağıdakı məzmunda 14.1.1.4-cü yarımbənd əlavə olunsun: “Vəfat etmiş şəxsin yeni doğulmuş uşağı”. Çünki belə hallar da mövcuddur. Ona görə də bu cümlə hökmən əlavə olunmalıdır.
47-ci maddə aşağıdakı redaksiyada verilsin: “Bu qanun dərc edildiyi gündən qüvvəyə minir”. Bu qanun, ola bilər ki, həmin müddətdə, yanvarın 1-də və ya burada göstərilən müddətdə qəbul edilməsin. Ona görə hökmən ənənə olaraq biz verməliyik ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanun qüvvəyə mindiyi gündən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab olunur.
Burada təklif olundu ki, “təqaüd” sözü “pensiya” sözü ilə əvəz edilsin. Mən bir dilçi kimi demək istəyirəm ki, “pensiya” sözünün “təqaüd” sözünü əvəz etməsi heç də yerinə düşmür. Məsələn, tələbələrə təqaüd verilir. Tələbəyə pensiya verilmir ki. Prezident kiməsə təqaüd verir, ona pensiya vermir ki. “Təqaüd” sözü də alınma sözdür. Ərəblərdən alınmadır. “Pensiya” sözü də ruslardan alınmadır. “Pensiya” sözü artıq dilimizdə işlək sözdür. Ona görə də onun yerində qalmasını məsləhət bilirəm.
Sosial müavinətlər haqqında qanunla əlaqədar, Oqtay müəllim, xahiş edirəm, mənə vaxt verəsiniz, onları bir-bir deyəm. 1.0.2-ci maddənin mətnində “18 yaşına çatanadək əlil olmuş” sözləri “yetkinlik yaşına çatanadək əlil olmuş” sözləri ilə əvəz edilsin. Nə üçün? Əvvəla, bizdə yetkinlik yaşının 18, yoxsa 16, yoxsa 14, yoxsa 17 olmağı hələ müəyyənləşməyibdir.
Sədrlik edən. Çox sağ olun. Bu qanunu yenə müzakirə eləyəndə bu fikrə qayıdarıq. Bir dəqiqə vaxt verirəm.
N. Xudiyev. Hörmətli Sədr, 1.0.2-ci bənddə “Vəfat etmiş şəxsin ölümündən sonra doğulmuş uşağı” sözləri əlavə edilsin. Burada yoxdur. Vəfat etmişin himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxslər əlavə olunsun. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2.1-ci maddəsinə əsasən bu burada hökmən olmalıdır. 4-cü maddəyə aşağıdakı redaksiyada 4.0.1.11 və 4.0.1.12-ci bəndlər əlavə edilsin: “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət”, “hamiləliyə və doğuma görə müavinət”. Sosial sığorta haqqında qanunun 6-cı maddəsinə əsasən, bu, hökmən əlavə olunmalıdır.
Sədrlik edən. Çox sağ olun. Saat 4-ə kimi fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Müzakirələrə davam edirik. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz bu qanun cəmiyyətin bütün təbəqələrini əhatə eləyən və cəmiyyətin artıq çoxdan maraq dairəsinə düşmüş bir qanundur. Cəmiyyətdə, eyni zamanda, mətbuat səhifələrində bu qanun haqqında olduqca müxtəlif fikirlər vardır. Milli Məclisin, demək olar ki, bütün deputatlarının son aylarda bu qanunun hər gün müzakirəsinə qatılması, 5 komissiyanın bir yerdə müzakirə aparması bir daha onu göstərir ki, bu qanuna qarşı Milli Məclisdə böyük maraq var. Bütün deputatlar istəyirlər ki, bu qanun vaxtında qəbul olunsun və icraya yönəldilsin.
Mən Sosial siyasət daimi komissiyasının üzvü kimi qanunun müzakirələrində fəal iştirak eləyən bütün deputatlara öz təşəkkürümü bildirməklə yanaşı, hörmətli cənab Sədr, Sizə bizim komissiyanın xüsusi təşəkkürünü çatdırıram. Çünki Siz bu qanunu hər gün diqqət mərkəzində saxlamış və deputatlar tərəfindən qaldırılan təkliflərə diqqətlə yanaşmısınız. Bunun nəticəsində artıq 70-ə yaxın dəyişiklik qəbul olunmuşdur.
Şübhəsiz ki, bundan sonra da təkliflər olacaq. Bütün bu təkliflərin müəllifləri istəyirlər ki, pensiyaçıların, sosial müavinət alan şəxslərin sosial müdafiəsini daha da gücləndirsinlər. Ancaq, eyni zamanda, nəzərə almalıyıq ki, obyektiv reallıq var, büdcəmizin vəziyyəti var və bu məsələ də cənab Prezidentin həmişə diqqət mərkəzindədir. Düşünürəm ki, bizim hörmətli millət vəkilləri bu qanuna səs verməklə qanunun qəbul olunmasına köməkliklərini edəcəklər.
Eyni zamanda, mən 8-ci maddə ilə bağlı kiçik bir təklifimi vermək istəyirəm. 8-ci maddədə çoxuşaqlı qadınların, əlil uşağı olan anaların və uşağı tək böyüdən ataların güzəştli pensiya şərtləri müəyyən olunur. Burada 3 və daha çox uşaq doğub onları 8 yaşadək böyüdən uşaqlı analara güzəştli pensiyalar şamil olunur. Ancaq mən təklif etmək istəyirəm ki, bu güzəştli pensiyalar o uşaqları qəyyumluğa götürən və övladlığa götürən analara da şamil olunsun. Belə hallar nəzəri cəhətdən də mümkündür. Eyni zamanda, Azərbaycanda SOS kəndlərinin çox gözəl təcrübəsi yayılmaqdadır. Biz gələcəkdə qanun da qəbul eləyə bilərik ki, internat evlərindən uşaqlar ailələrə himayəyə verilsin. Ona görə mən təklif edirəm ki, bu maddədə güzəştli pensiyalar tək öz uşaqlarını deyil, övladlığa götürdüyü uşaqları da böyüdən analara şamil olunsun.
Cənab sədr, mən bu günlərdə Gəncədə oldum, seçicilərlə görüşdüm. Onların və başqa seçicilərin də artıq 1 aydır ki, sosial müavinətləri gecikir. Səbəb bu qanunun qəbul olunmamasıdır. Bunlar sosial müdafiəyə çox ehtiyacı olan insanlardır. Bunu nəzərə alaraq Sizdən və hörmətli millət vəkillərindən xahiş edirəm ki, bu qanunun bu gün ikinci və üçüncü oxunuşlarda qəbul olunması məsələsinə baxasınız və mənim təklifimi səsə qoyasınız. Bu çox vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə. Bu günün birinci yarısında yazılan siyahı ilə gedirik, sonra davam edəcəyik.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Cəmiyyətdə müzakirə olunan mövzu ətrafında olduqca maraqlı müzakirələrimiz gedir. Əmək pensiyaları haqqında qanun layihəsi müzakirəyə çıxarılanda mənim seçildiyim Mingəçevir seçki dairəsində bəlkə minlərlə pensiyaçı və ya pensiya yaşına çatmaqda olan insanlar müraciət edir, bunun incəlikləri, bu pensiya sisteminin əvvəlki pensiya sistemindən nə ilə fərqlənəcəyi barəsində suallar verirdilər. Ən maraqlısı ondan ibarətdir ki, bu pensiya sistemində artıq işlək bir mexanizm yaranıb. Hər bir kəs gələcəkdə özünün pensiyasının indidən təməlini qoymuş olur. Bilir ki, az işləyəcək, az pensiya alacaq, çox işləyəcək, çox pensiya alacaq. Ümumən, mən şadam ki, Sosial siyasət daimi komissiyası və işçi qrup bizim birinci oxunuşda verdiyimiz təkliflərin bir çoxunu nəzərə alıblar.
Bununla belə, bizə təklif olunan ikinci oxunuş layihəyə mənim təkliflərim vardır. Ümumi müddəalardakı “Əsas anlayışlar”ın dili çox ağırdır. Bu qanunu təkcə Sosial Müdafiə Fondunun işçiləri oxumayacaq. Sadə vətəndaş bunu oxuyub öz gələcək pensiyasının nə cür formalaşdığını bilmək və yaxud hansısa məsələyə dair aydınlıq gətirmək istəyəcək. “Əsas anlayışlar”ın dili ağır olduğuna görə çətinlik törədəcək. Ona görə mən təklif edərdim ki, I fəsildəki “Əsas anlayışlar” bir qədər yenidən işlənsin.
Sonra, 3-cü maddədə çox maraqlı müddəa var: “Bu qanun Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatını təmin edən xarici dövlətlərin Azərbaycan Respublikasında yaşayan vətəndaşlarına münasibətdə tətbiq edilir”. Ola bilsin ki, hansısa xarici dövlətdə daimi yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatı təmin edilməsin. Amma həmin dövlətin Azərbaycanda yaşayan vətəndaşları olsun və onlar ümumi pensiya fonduna müəyyən qədər vəsait keçirmiş olsunlar. Düzdür, belə baxanda biz bu işi həmin ölkənin Azərbaycan vətəndaşlarına olan münasibətinə görə qurmalıyıq. Amma mən hesab edirəm ki, hansısa bir ölkədə bizim vətəndaşlara pensiya təminatı təmin edilməsə də, əgər həmin ölkənin Azərbaycanda yaşayan vətəndaşı pensiya sisteminə ödəmələr keçiribsə, onun hüquqları qorunmalı və ona pensiya təminatı verilməlidir.
Maddə 5-də qeyri-dövlət pensiya hüququ haqqında danışılır və mən belə başa düşdüm ki, artıq Azərbaycanda Dövlət Sosial Müdafiə Fondu ilə yanaşı qeyri-dövlət pensiya fondları da fəaliyyət göstərəcəklər. Çox yəqin ki, bunun üçün də xüsusi bir qanun qəbul olunacaq. Mən təklif edərdim ki, burada, 5-ci maddədə bir bənd əlavə edilsin ki, qeyri-dövlət pensiyası müvafiq qanunla tənzimlənir. Hər kəs bilsin ki, bu da, sadəcə, təlimatlarla deyil, xüsusi qanunlarla tənzimlənəcəkdir.
8.1-ci maddə ilə bağlı mənim xüsusi təkliflərim vardır. Burada göstərilir ki, uşaqların sayı çox olduqca pensiya yaşı azalır və həmin şəxslərin pensiya sığorta stajı da az olaraq götürülür. Mən təklif edirəm, ümumiyyətlə, bu sistem kökündən dəyişdirilsin. Düzdür, 5-dən çox uşağı olan ailələrdə ana qoy 44-45 yaşından pensiyaya çıxsın. Amma bunu hər uşağa görə 1 il azaltmaq, mənə elə gəlir ki, düzgün deyil. Çoxuşaqlı ailə onsuz da çoxuşaqlı ailədir. Onsuz da 5 uşağı böyütməklə gələcəkdə ölkəyə 5 vətəndaş verir. Belə sual ola bilər ki, belə olarsa, bundan sui-istifadə etmək istəyən olacaq. Qoy bizim ailələrdə 5-6-10 uşaq olmasını istəyən ailələr olsun. Qoy vətəndaşlarımızın sayı artsın. 5-dən çox uşağı olanlar üçün artıq 45 yaşından pensiyaya çıxmaq hüququ təmin edilsin. Burada başqa bir güzəşt eləyə bilərik. Hər bir uşağa görə artıq...
Sədrlik edən. Hər birimiz bir dəqiqə götürsək, vaxt gedəcək. Təkid eləyən varmı? Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən təklif edirəm ki, bu gün imkan olarsa, üçüncü oxunuşda da bu qanunu qəbul eləyək. Ona görə ki, bizim pensiyaçılar, cəmiyyət bu qanunun qəbul olunmasını çoxdan gözləyir. Bir də mart ayını gözləməyək, əlavə sessiya çağırmayaq ki, üçüncü oxunuşda qəbul olunsun. Mən öz fikrimi bildirməmişdən öncə bir məsələyə də istəyirəm, bütün millət vəkillərinin diqqətini cəlb eləyim. Mən vaxtım çərçivəsində bu məsələyə münasibət bildirmək istəyirəm.
Çox təəssüf ki, bizə demokratiyadan, xüsusilə dini tolerantlıqdan, dini dözümlülükdən dərs keçən Qərb və Qərb mətbuatı bu gün bizim hamımızın, yəni müsəlmanların peyğəmbəri Məhəmməd Peyğəmbəri təhqir eləyən karikaturalar dərc eləyiblər və bəzi televiziyalar da bunu təkrar-təkrar nümayiş etdirirlər. Avropanın bəzi qəzetləri də bunu dərc eləyiblər. Biz də İslam dünyasının bir hissəsiyik. Ona görə mən elə fikirləşirəm ki, biz də qətiyyətlə bunu pisləməliyik. Eyni zamanda, müsəlmanlar tərəfindən bununla əlaqədar törədilən zorakılıq aktlarını da eyni cür pisləməliyik. İmkan verməməliyik ki, müəyyən təxribatçı qüvvələr bunu xristian-müsəlman qarşıdurmasına çevirsinlər. Ola bilsin ki, elə bu məqsədlə bu karikaturalar çap olunur və geniş formada təbliğ olunur. Bu gün Bakı şəhərində də günorta bir qrup insan buna etiraz əlaməti olaraq bizim Xarici İşlər Nazirliyinin qarşısında icazəsiz piket keçirmək istəyirdi.
Mən hesab edirəm ki, təkcə din xadimləri, dindarlar yox, özünü müsəlman hesab edən hər bir şəxs buna qəti etirazını bildirməli, o cümlədən Milli Məclis və bizim dövlət rəsmiləri də həm zorakılığı, həm də bu faktın özünü kəskin tənqid eləməlidir. Bu, qətiyyən fikir azadlığı, mətbuat azadlığı kimi qiymətləndirilə bilməz. Bu, mədəniyyətsizlik və tərbiyəsizlik kimi qiymətləndirilməlidir. Milyardlarla insanın inancı olan, Peyğəmbəri olan bir şəxsin bu formada təhqir olunmasını hər halda, sadəcə, fikir və mətbuat azadlığı kimi qiymətləndirmək olmaz.
Qanunla bağlı bir şeyi qeyd eləmək istəyirəm. Burada məndən öncə də qeyd olundu ki, bizim əsas qanunda hamımızın diqqət yetirməli olduğu məsələ pensiyaların baza hissəsi ilə bağlı olan məsələsidir. Biz bir müsəlman olaraq, şərqli olaraq böyüyə hər zaman hörmət və ehtiramla yanaşmışıq. Bu bizim həm də öz ağsaqqallarımıza, böyüklərimizə olan münasibətimizdir. Biz onlara nə qədər hörmətlə, ehtiramla, qayğı ilə yanaşacağıqsa, gənc nəsillər də bizə o cür yanaşacaq. Ona görə də hesab edirəm ki, pensiyaların baza hissəsi ölkəmizdəki yoxsulluq həddi ilə müəyyənləşməlidir. Bizdə yoxsulluğun həddi niyə 50 faizə qədərdir? Ona görə ki, bütün pensiyaçılar yoxsul kateqoriyaya aiddirlər. Gəlin, baza hissəni yoxsulluq həddi ilə müəyyənləşdirək. Mən bilmirəm, son yoxsulluq həddi əvvəl 194 min manat idi. Qanunun özündə qeyd eləyək ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra orqanı tərəfindən müəyyənləşdirilmiş yoxsulluq həddindən az olmamaq şərti ilə ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. Belə olacağı təqdirdə sığorta hissəsi, yığım hissəsinə görə onların üzərinə əlavə faizlər də gələcək. Pensiyaçılar yoxsulluq həddindən bir az artıq vəsait ala bilsinlər ki, aldıqları pulla özlərini, heç olmasa, minimum səviyyədə dolandıra bilsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Deputatların sualları olmuşdu. Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim Müslümova da söz verək. Nazir Əli Nağıyev də buradadır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən, axı, söz verdim. Buyurun, yaxşı. Astan Şahverdiyev.
A. Şahverdiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm, qanun vaxtında hazırlanmış mütərəqqi bir qanundur və qəbuluna böyük ehtiyac var. Azərbaycan cəmiyyətinin iqtisadi cəhətdən zəif təbəqələri üçün onun əhəmiyyəti xüsusilə böyükdür.
Bununla belə, bu qanunla bağlı mənim də bir neçə qeydim var. II fəsildə 10-cu maddədə formalar verilib və bu, sonrakı maddələrdə də var. Məsələn, 10.2-də: “Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir.” Düstur yazılıb. Burada simvol var – SH. Buradan görünür ki, bu nə deməkdir. Təzədən bir də təkrarlanır. O biri düsturlarda da bu qaydalar var. Bu, həm riyazi statistika, həm də mətnlə uyğun gəlmir.
Bundan başqa, 10.4-də və 13.5-də eyni formuladır, amma müxtəlif təyinatlar üçün pensiya ilə bağlıdır. Yəni onlar da bir-birindən fərqlənir. Simvolları fərqləndirsək, daha yaxşı olar. Xahiş edirəm, mümkünsə, qanun üçüncü oxunuşa hazırlanarkən bunları nəzərə alsınlar.
Sədrlik edən. Sağ olun. Səlim müəllim, buyurun.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Sağ olun, cənab Sədr. Hörmətli millət vəkillərimiz bu qanun layihəsini birinci oxunuşdan keçən müddətdə çox diqqətlə, hər bir maddəsinə ciddi yanaşaraq geniş müzakirə etdilər. Buna görə mən onlara öz təşəkkürümü bildirirəm. Biz bir neçə dəfə müxtəlif komissiyaların iclaslarında həmin komissiyaların üzvü olan millət vəkilləri ilə görüşdük. Onların qaldırdığı məsələlərlə bağlı bir daha araşdırmalar apardıq. 30 dekabrdan keçən müddətdə spiker özü dəfələrlə millət vəkillərinin bu qanun layihəsi ilə bağlı qaldırdığı məsələlər barədə həm bizim əməkdaşlarla, həm də qanun layihəsinin müəllifi ilə müxtəlif səviyyələrdə danışıqlar apardı. Bütün bu danışıqlar nəticəsində qanun layihəsində 60-dan çox dəyişiklik öz əksini tapdı. Bunların hamısı müsbət istiqamətdə atılan addımlar idi. Mən bütün bunlara görə, cənab spiker, Sizə və hörmətli millət vəkillərimizin hamısına bir daha dərin təşəkkürümü bildirirəm.
Burada qaldırılmış bəzi məsələlərə aydınlıq gətirmək məqsədi ilə öz fikirlərimi çatdırmaq istəyirəm. Gülhüseyn müəllimin və Fazil müəllimin çıxışlarında belə bir sual səsləndi ki, 9.4-cü maddədə prokurorluq orqanlarında 25 il çalışan işçilərə aid edilən güzəşt niyə digər orqanlarda 25 il çalışanlara şamil edilmir? Məsələ ondadır ki, həm daxili işlər, həm də milli təhlükəsizlik orqanlarında və digər orqanlarda çalışanlar bu qanunun obyekti deyillər. Məsələn, hərbi qulluqçuların pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla tənzimlənir. Onların arasında yalnız prokurorluq orqanları və hakimlər kənarda qalırlar. Bu qanunda həm hakimlər, həm də prokurorluq orqanları üçün olan müddəalar öz əksini tapıb. Bu qanunda əksini tapmış müddəalar həm “Hakimlər haqqında” Qanunda, həm də “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Əsasnamədə əks olunmuş məsələlərlə eynilik təşkil edir. Ona görə də prokurorluq orqanları burada ayrıca qeyd olunmuşdur.
Sonra, Gülhüseyn müəllim burada məsələ qaldırdı ki, pensiya yaşına çatmamış sabiq deputatlarımız əlil olarsa, onların əlilliyə görə pensiyaya çıxması məsələsi həll olunmayıb. Lakin o məsələ artıq bu qanunda öz əksini tapıb. Qanunda qeyd olunur ki, həmin pensiyaçılara hesablanacaq pensiya əlilliyə görə də ola bilər, yaşa görə də ola bilər. Əgər əlilliyə görə pensiyaya çıxacaqsa, eyni şərtlər daxilində ona pensiya verilməsi təmin ediləcəkdir. Ona görə bu məsələ diqqətdən kənarda qalmayıb.
Qeyri-dövlət pensiya fondları ilə bağlı məsələ bir neçə dəfə qaldırıldı. Burada nəyə görə həmin qeyri-dövlət pensiya fondlarının yalnız bir dəfə adı çəkilib, onlar “Əsas anlayışlar”da göstərilməyib, yaxud yazılmayıb ki, bu məsələ ayrıca qanunvericilik aktı ilə tənzimlənir? Çünki həmin məsələlərin hamısı “Sosial sığorta haqqında” Qanunda öz əksini tapır. Orada qeyd olunub, qeyri-dövlət pensiya fondları nədir və ayrıca cümlə ilə də yazılıb ki, onların fəaliyyəti başqa qanunvericilik aktı ilə tənzimlənir.
Mən hörmətli millət vəkillərimizin nəzərinə bir daha çatdırmaq istəyirəm ki, Prezidentimizin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 321 may tarixli Fərmanına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu əməkdaşları tərəfindən müxtəlif ölkələrin təcrübəsi öyrənilməklə müvafiq qanun layihəsi hazırlanmış və avqust ayında Prezident Aparatına təqdim olunmuşdur. Hazırda onun üzərində son tamamlama işləri gedir və mən elə fikirləşirəm ki, yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaqdır.
Bundan başqa, burada 3.2-ci maddənin ikinci cümləsi ilə bağlı sual verildi ki, nə üçün müxtəlif dövlətlərdə yaşayan Azərbaycan vətəndaşlarına orada pensiya təminatı hüququ verilmirsə, biz Azərbaycanda yaşayan həmin dövlətlərin vətəndaşlarına bu hüququ verməyək? Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz payızda Milli Məclisdə “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edən zaman bu məsələ millət vəkilləri tərəfindən qaldırıldı. O zaman biz “Sosial sığorta haqqında” Qanuna dəyişiklik etdik. Həmin dəyişikliyə görə Azərbaycan Respublikasında çalışan xarici ölkələrin vətəndaşları da Azərbaycan vətəndaşları kimi öz əmək haqlarından sosial sığorta haqları ödəməlidirlər. Eləcə də onların çalışdığı yerlərdə işəgötürənlər əmək haqqı fonduna uyğun olaraq 22 faiz dərəcə ilə Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməlidirlər. Biz bununla izah etdik ki, Azərbaycanda bu sahədə artıq fərdi uçot sisteminə keçilir. Yəni hər bir işləyən şəxsə – həm Azərbaycan vətəndaşına, həm də əcnəbi ölkələrin vətəndaşlarına Azərbaycanda sosial sığorta şəhadətnaməsi verilərək xüsusi hesab açılacaq və onların ödədikləri vəsaitlərin uçotu aparılacaq. Ona görə də biz müxtəlif ölkələrlə müvafiq müqavilələr bağlamalı və həmin müqavilələrdə pensiyaya çıxan belə insanların proporsional şəkildə təmin edilməsini əks etdirməliyik. Bu gün bütün Avropa bu prinsiplə işləyir və Azərbaycan da Avropa Şurasının üzvü kimi, – həm də MDB dövlətləri ilə əldə edilmiş razılığa əsasən, – bu prinsiplərə keçməlidir.
O zaman burada belə bir sual səsləndi ki, bu prinsipi qəbul etməyən və öz ərazilərində yaşayan Azərbaycan vətəndaşlarına bu hüququ şamil etməyən ölkələr ortaya çıxsa necə olsun? Burada təkliflər səsləndi ki, belə olan halda biz də Azərbaycanda adekvat tədbirlər görməliyik. O zaman bu təklif nəzərə alınaraq həmin maddə qanun layihəsinə əlavə edildi.
Vahid müəllimin sabiq deputatlarla bağlı qaldırdığı məsələyə bir aydınlıq gətirmək istəyirəm. Vahid müəllim, bu qanunda “sabiq deputat” deyəndə hansı deputatların nəzərdə tutulduğu qeyd olunmayıb, sadəcə, “sabiq deputatlar” yazılıb. Ona görə ki, bu məsələ ilk öncə “Deputatların səlahiyyətləri haqqında” Qanunda öz əksini tapmalıdır. Əgər o qanunda “sabiq deputatlar” ifadəsi sizin dediyiniz kateqoriyaya şamil olunarsa, burada avtomatik şamil olunacaqdır. Burada qeyd olunmayıb ki, 1995-ci ildən əvvəl, ya sonra. O qanunda düzəlsə, burada avtomatik şamil olunacaq.
29-cu maddədə pensiyaları istehlak qiymətlərinin indeksinə bağlamağımız. Layihə birinci oxunuşdan keçən zaman bu məsələ, ümumiyyətlə, mərkəzi icra hakimiyyəti orqanına həvalə olunmuşdu. Biz o zaman qeyd elədik ki, burada müxtəlif amillər var. Mənim əlimin altında MDB-nin müxtəlif dövlətlərində bu məsələnin həlli variantları yazılıb. Mən onları millət vəkillərinə verə bilərəm. Keçmiş SSRİ ərazisinə daxil olan 15 dövlətin 9-da pensiyalar istehlak qiymətləri indeksinə bağlanıb. Məndə həmin ölkələrin təcrübəsindən çıxarış var. Bəzi ölkələrdə bu, əmək haqqının artımı ilə, bəzi ölkələrdə isə müxtəlif məsələlərlə bağlanıb. Ümumilikdə, biz sizin təklifləri keçən dəfə müzakirə etdikdən sonra bu qanun layihəsində pensiyanın ən azı istehlak qiymətlərinin indeksi qədər artırılması və beləliklə, inflyasiyanın təsiri altında pensiya pullarının qiymətdən düşməsinin qarşısının alınması məsələsini əks etdirə bildik. Qanun layihəsində bu məsələ öz əksini tapdı.
Lakin orada ikinci bir məsələ də var. Orada qeyd olunub ki, pensiyanın baza hissəsi ildə bir dəfədən və istehlak qiymətləri indeksindən az olmamaqla artırılır. Başqa sözlə desək, bu artım bizim büdcəmizdə qoyulmuş vəsaitlər çərçivəsində olacaqdır. Bu il 10 faizdən aşağı, yəni bir rəqəmli inflyasiya nəzərdə tutulub. Azərbaycan hökuməti də buna çalışacaq və cənab Prezidentin qarşımızda qoyduğu tələb də budur. Amma cənab Prezidentin fərmanında göstərilib ki, bu il əmək pensiyasının baza hissəsi iki dəfə, yəni 50 min manat, yaxud 40 faiz artırılsın. Bu, inflyasiya faizindən 4 dəfə artıq deməkdir. Amma imkan olduqca əmək pensiyasının baza hissəsinin daha da yüksəldilməsi cənab Prezident tərəfindən qarşımızda məqsəd kimi qoyulur.
Bayaq burada Əli Məsimli öz çıxışında təklif elədi ki, əmək pensiyalarının minimum məbləği yaşayış minimumuna çatdırılsın. Sual verdi ki, bu pensiya qanunundakı prinsip gələcəkdə işləyəcək, 10 ildən sonra işləyəcək, bəs bugünkü pensiyaçılara nə verəcək? Mən elə 29-cu maddə ilə bağlı olduğuna görə buna da cavab vermək istəyirəm. Hörmətli Əli müəllim, biz müxtəlif ölkələrin təcrübəsinə baxmalıyıq. Məsələn, Qazaxıstanda 1998-ci ilin 1 yanvarından yeni sistem fəaliyyətə başladı və yalnız 6 ildən sonra Qazaxıstanda pensiyaların minimum məbləği Qazaxıstandakı yaşayış minimumuna çatdırıldı. Rusiyada 2002-ci ilin 1 yanvarından yeni sistem fəaliyyətə başladı və yalnız keçən ilin sonuna o, yaşayış minimumuna yaxınlaşdı. Bizdə isə cənab Prezident Azərbaycan hökuməti qarşısında bu vəzifəni qoyur ki, əmək pensiyası iki il ərzində nəinki bizdəki yaşayış minimumundan, BMT-nin inkişaf etməkdə olan dövlətlər üçün qoyduğu yoxsulluq səviyyəsindən də yuxarı qalxmalıdır. Mənim fikrimcə, 29-cu maddədəki prinsip müxtəlif MDB dövlətlərinin və Şərqi Avropa dövlətlərinin, yəni keçid dövrünü yaşayan dövlətlərin praktikasına uyğundur və biz əmək pensiyalarının minimum məbləğinin ölkəmizdəki yaşayış minimumuna yaxınlaşdırılmasına yaxın illər ərzində nail ola biləcəyik.
Xahhüseyn müəllim burada 1-ci maddə ilə bağlı fikrini bildirdi, gəlirlərin kompensasiyası məsələsinin dəyişdirilməsini təklif elədi. Hörmətli Xanhüseyn müəllim, bu, Beynəlxalq Əmək Təşkilatının təlimatında necə yazılıbsa, bütün ölkələrin qanunvericiliyində də eyni cür yazılır. Həmin təlimatda isə qeyd olunur ki, pensiyalar ən azı pensiyaya çıxanın pensiyaya çıxmamışdan əvvəl itirdiyi gəlirlərin 40 faizi qədər olmalıdır. Ona görə də bütün dövlətlərin son vaxtlar qəbul elədiyi əmək pensiyaları haqqında qanunlarda bu müddəa əmək qabiliyyətini itirməmişdən qabaq qazanılan gəlirlərin, yəni itirilmiş gəlirlərin kompensasiyası şəklində qeyd olunur. Ona görə biz onu bu şəkildə yazmışıq.
Əli Məsimli öz çıxışında Sosial Xartiyaya qoşulmağımızla bağlı qeydini səsləndirdi. Hörmətli Əli müəllim, bu gün bir sıra deputatlar da bu məsələni mənə söylədilər. Dünənki müzakirələrdə də, ondan əvvəlki müzakirələrdə də ümumi daxili məhsulun tərkibində pensiya ödəmələri faizinin aşağı olması və pensiyaların əmək haqqının 40 faizinə çatdırılması məsələsi səsləndirilmişdir. Bəli, bu gün Azərbaycanda və eləcə də MDB-nin digər dövlətlərində pensiya xərcləri ümumi daxili məhsula nisbətdə çox aşağı bir faiz təşkil eləyir. Məsələn, Azərbaycanda keçən il bu, 4 faiz olub. Dövlət Sosial Müdafiə Fondunun xərcləri köhnə manatla 2,4 trilyon, bizim ümumi daxili məhsul 59,4 trilyon olub. Təqribən 4 faiz təşkil edir. Bu gün MDB dövlətlərində də bu, əksər ölkələrdə 4, 5, 6 faiz arasındadır. Ən yuxarı faiz Belarusdadır – 8 faizə yaxın. Digər dövlətlərdə, məsələn, Avropa dövlətlərində bu, 9 faizdən 16 faizə qədərdir. Amma Avropa dövlətlərində ümumi daxili məhsulun, yeni yaradılan dəyərin təqribən 65-70 faizini əmək haqqı təşkil edirsə, Azərbaycanda cəmi 15 faizini təşkil edir. Ona görə də 15 faizə nəzərən ödənilmiş 25 faiz sosial sığorta hesabına pensiyaların artımı bu gün bu səviyyədədir. 65-70 faizə görə ödənən sosial sığorta haqlarına görə Avropada pensiyaların artımı təbiidir ki, daha yüksəkdir.
Digər tərəfdən, Avropa ölkələrində demoqrafik tərkibə baxmaq lazımdır. Orada pensiyaçılar daha yüksək faizə, xüsusi çəkiyə malik olduğuna görə, ödənilən pensiyaların ümumi məbləği də ümumi daxili məhsula nisbətdə yüksək səviyyəyə çatır.
Biz Sosial Xartiyaya, təbii ki, qoşulmuşuq və orta əmək haqqına nisbətdə pensiyaların orta aylıq məbləğinin 40 faizə çatdırılması bir məqsəd kimi hökumətin qarşısında durur. Biz buna doğru gedirik. Amma bircə şeyi deyim, cənab spiker, əmək pensiyalarını onca dollar artırmaq üçün Azərbaycan Respublikasında 150 milyon dollar, 20 dollar artırmaq üçün 300 milyon dollar pul lazımdır. Bu da pensiyaçıların, təbii ki, sayının çoxluğu ilə izah olunur.
Burada şəhid ailələrinə baza pensiyasının 30 faizdən 80 faizə qədər qaldırılması məsələsi qoyulub. Mən qeyd eləmək istəyirəm ki, əgər bundan əvvəl şəhid ailələrinə köhnə qanunla minimum pensiyanın, yəni 25.500-ün 50 faizi qədər artım verilirdisə, bu da 12.700 manat idisə, yeni qanun layihəsinə görə 125 min manatın 30 faizi qədərdir. O da cənab Prezidentimizin fərmanı ilə aprelin 1-dən 150 min manat olacaq. Artıq onun 30 faizi 1 oktyabrdan 175 min manat təşkil edəcək. Beləliklə, hər dəfə baza pensiyası artdıqca onun 30 faizi də mütləq məbləğdə artımla gedəcək. Əgər şəhid ailəsində 2 uşaq və bir ana varsa, artıq aprel ayından onların şəhid ailəsi kimi üçünün bir yerdə aldıqları pensiya məbləğləri 700 min manatın üzərinə qalxacaqdır.
Ümumilikdə, cənab spiker də dedi, Hadi müəllim də dedi ki, edilmiş dəyişikliklər, əlavələr hesabına həmin ailələrə 50 milyard manatdan artıq, eləcə də Vətən müharibəsi əlillərinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxslərə baza pensiyasına əlavələr veriləcək.
Burada Nizami müəllimin, o cümlədən Fazil Mustafayevin çıxışında “məhdudlaşdırılma” sözü ilə bağlı təklif səsləndi. Tamamilə doğrudur, biz “məhdudlaşdırılma” sözünü “məhdudlaşdırma” sözü ilə əvəz eləyəcəyik. Nizami Xudiyevin qeyd elədiyi kimi, orada “məcburi dövlət” sözləri əlavə olunmalıdır. Biz bunu razılaşdırıb 1-ci maddəyə əlavə eləməliyik.
Təklif olundu ki, 14.1.1.4-cü maddə əlavə edilsin. O da doğrudur. Qəbul edilib, əlavə olunmalıdır. O da diqqətimizdən qaçıb. Ola bilər ki, insan vəfat eləyəndən sonra onun övladı doğulsun. Bu hallarda ailə başçısını itirməyə görə həmin övlada da eyni pensiyanın verilməsi məsələsinə baxılmalıdır.
Amma 47-ci maddə ilə bağlı mən izah edim, Nizami müəllim, bu qanunun qüvvəyə minməsi nəyə görə 1 yanvardandır. Həm dövlət büdcəsi, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 1 yanvardan qüvvəyə minir və həmin büdcələrdə vəsaitlərin ödənilməsi də 1 yanvardan başlanır. Burada çıxış eləyənlər artıq qeyd elədilər, Musa müəllim də dedi ki, bu gün artıq bir ay 7 günə yaxındır ki, sosial pensiyaçılar öz pensiyalarını ala bilmirlər, çünki qanun qəbul olunmadığına görə onlara yeni sosial müavinətlər ödənilmir.
Aydın müəllim Mirzəzadə öz çıxışında təklif elədi ki, 5 uşağı olan analara 44-45 yaşdan sonra pensiyaya çıxmaq hüququ verilsin. Hörmətli Aydın müəllim, məsələ ondadır ki, hazırda yeni sistemdə bunlar üçün hər hansı bir sığorta stajı limiti qoyulmur. 5 il sığorta stajı varsa, artıq həmin insanlara pensiyaya çıxmaq hüququ verilir. Yəni bu gün hələlik qüvvədə olan qanunda bu qadınlar üçün 20 yaşdan aşağı sosial sığorta stajına da limit qoyulurdu. 3 uşağı varsa, 16 il stajı olmaq şərti ilə 51 yaşında, 4 uşağı varsa, 15 il sosial sığorta stajı olmaq şərti ilə 50 yaşında pensiyaya çıxa bilirdi. Amma gördüyünüz kimi, burada bunların hamısını biz yığışdırmışıq. Yəni heç bir staj limiti yoxdur. 5 il stajı varsa, artıq onlar pensiyaya çıxmaq hüququ qazanır və ən azından əmək pensiyasının baza hissəsini alırlar. 10 uşağı olanlar isə 5 il stajı olmasa da, 44 yaşda əmək pensiyası hüququ qazanırlar.
Burada düsturlarla bağlı məsələ də bir neçə dəfə qeyd olundu. Biz bu məsələləri çox müzakirə elədik. Dəfələrlə müxtəlif ölkələrin qanunlarını qaldırdıq, baxdıq. Həmin o düsturları çalışdıq ki, sözlərlə əvəz eləyək. Burada Hadi müəllim də çıxışında qeyd elədi. O qədər mürəkkəb cümlələr alınır ki, o cümlələri o şəkildə yazmaqdansa, bunu düstur şəklində rahat ifadə eləmək daha doğru olar. Digər ölkələrdə də həmin məsələ bu şəkildə öz əksini tapıb. Ona görə də həmin düsturların burada qalmasını komissiyalar da məqsədəuyğun hesab elədilər. Mən də elə hesab edirəm ki, bu çox düzgün bir qərardır.
Cənab spiker, mən bir daha Sizə və bütün millət vəkillərimizə bu qanun layihəsinə bu qədər ciddi diqqət yetirdiklərinə görə öz dərin təşəkkürümü bildirirəm. Bu qanun ölkədə olan 1 milyon 360 min pensiyaçının, eyni zamanda, bir milyon yarım işləyənin həyatına daxil olacaqdır. Bu isə ölkə əhalisinin 40 faizinə yaxın bir hissəsi deməkdir. Ona görə də belə diqqətə görə mən sizə bir daha təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Səlim müəllim, ətraflı cavablara görə çox sağ olun. Söz verilir əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevə.
Ə. Nağıyev, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Öncə mən üçüncü çağırış Milli Məclisdə ilk dəfə çıxış elədiyimə görə Milli Məclisin üçüncü çağırış deputatlarını təbrik edirəm! Müstəqil Azərbaycanımızın möhkəmlənməsi, inkişafı naminə görəcəyiniz bütün işlərdə sizə uğurlar diləyir və Prezidentimizə layiqli köməkçi olmağınızı arzulayıram! İş vaxtından kənar belə bir sessiya çağırıb bu vacib qanunları müzakirə elədiyi üçün bir daha Milli Məclisə təşəkkürümü bildirirəm.
Məndən öncə qeyd olundu. Həqiqətən də, sosial pensiyaçılar yanvar ayının pensiyasını almayıblar. Əgər bu qanun bu gün ikinci və üçüncü oxunuşlarda qəbul olunarsa, yəqin ki, cənab Prezident də bunu tez bir zamanda imzalayar. Biz ümid edirik ki, sosial pensiyaçı sayılan şəxslərin 2 aylıq pensiyası fevral ayında bir yerdə verilə bilər. Ona görə də mən Milli Məclisdən xahiş edirəm ki, bu gün imkan tapıb bu qanunları ikinci, üçüncü oxunuşlarda qəbul etsinlər.
Mən burada bizim qanunla, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş Sosial müavinətlər haqqında qanunla əlaqədar ciddi iradlar görmədim. Əvvəlki müzakirələrdə də elə bir ciddi irad olmamışdır.
Nizami müəllim Xudiyevin burada bir neçə qeydi oldu. O, “18 yaşınadək” sözlərinin “yetkinlik yaşına çatmış” sözləri ilə əvəz olunmasını təklif etdi. “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında” Qanuna görə bu anlayışların ikisi də eyni şeydir. Yəni 18 yaşına çatmışlar yetkinlik yaşına çatmış sayılır. Düzəliş oluna da bilər, belə qala da bilər. Bu, prinsipial bir məna kəsb eləmir.
Vəfat etmiş şəxslərin ölümündən sonra doğulan uşaqlara müavinət hüququ. Bu da orada aydındır, yəni vəfat etmiş şəxslərin ölümündən sonra 3 gün müddətində doğulan uşaqlar övlad sayılır. Bu da qanunda tam öz əksini tapır. Hər şey burada aydındır. Buna elə bir düzəliş eləməyə ehtiyac yoxdur.
Nizami müəllimin 3-cü təklifi o idi ki, 4-cü maddəyə bu redaksiyada yeni bir bənd əlavə edilsin: “əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət”. Bunu buraya daxil eləmək mühüm əhəmiyyət kəsb eləmir. Çünki qanunun 2-ci bəndində göstərilir ki, bu qanunla həllini tapmayan o müavinətlər digər qanunvericilik aktları ilə tənzimlənir. Deməli, bunlar başqa qanunlarla tənzimlənir.
Bu qanunla əlaqədar başqa irad və təkliflər olmadığına görə mən fikirlərimi yekunlaşdırıram. Milli Məclisin növbədənkənar iclasını çağırıb belə mühüm qanunlar qəbul etdiyinə görə bir daha Milli Məclisə təşəkkür edirəm. Bir daha xahiş eləmək istəyirəm ki, üçüncü oxunuş məsələsinə də bu gün baxılsın. Sağ olun.
Sədrlik edən. Əli müəllim, ətraflı cavablara görə çox sağ olun. Hörmətli millət vəkilləri, təklif olunur ki, biz bu qanunu üçüncü oxunuşda səsə qoyaq. Daxili Nizamnaməyə görə, səsverməni fəsil-fəsil aparmalıyıq. Xahiş edirəm, I fəslə münasibətinizi bildirəsiniz. I fəsil. “Ümumi müddəalar”.
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. II fəsil. “Yaşa görə əmək pensiyası”.
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. III fəsil. “Əlilliyə görə əmək pensiyası”.
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 3
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. IV fəsil. “Ailə başçısını itirməyə görə əmək pensiyası”.
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 4
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. V fəsil. “Əmək pensiyasına əlavələr.”
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 4
Səs verməd 2
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VI fəsil. “Sığorta stajı”.
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 81
Əleyhinə 1
Bitərəf 7
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VII fəsil. “Əmək pensiyasının yenidən hesablanması”.
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 2
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VIII fəsil. “Əmək pensiyasının təyin edilməsi”.
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. IX fəsil. “Əmək pensiyasının ödənilməsi”.
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. X fəsil. “Yekun müddəalar”.
Səsvermənin nəticələri (saat 16.46 dəq.)
Lehinə 82
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. İkinci oxunuşda bütövlükdə səsə qoyaq.
Səsvermənin nəticələri (saat 16.47 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Xahiş edirəm, qanuna üçüncü oxunuşda münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.48 dəq.)
Lehinə 84
Əleyhinə 4
Bitərəf 2
Səs verməd 2
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
İndi xahiş edirəm, Dövlət sosial müavinətləri haqqında qanuna ikinci oxunuşda münasibətinizi bildirəsiniz. Bildiyiniz kimi, 14 maddədən ibarətdir. Mən təklif edirəm ki, biz 14 maddəni 3 yerə bölək: 1-5, 6-10, 11-14. Bu qaydada səsə qoyaq. Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 82
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 86
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. 6-10-cu maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. 11-14-cü maddələrə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 84
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Xahiş edirəm, bütövlükdə qanun layihəsinə ikinci oxunuşda səs verəsiniz.
Səsvermənin nəticələri (saat 16.52 dəq.)
Lehinə 86
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Xahiş edirəm, bu qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Sizin hamınıza bugünkü məhsuldar işinizə görə minnətdarlığımı bildirirəm!
Bununla da növbədənkənar sessiya öz işini bitmiş hesab edir. (Alqışlar.)
(Azərbaycan Respublikasının Dövlət himni səslənir).