25.05.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 53
Mill Məclisin iclas salonu.
25 may 2007-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 96 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Sənan Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Süleyman Qasımov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.
Eldar İsmayılov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Rasim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında.
2. “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
3. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
25 may 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Hörmətli cənab nazirlər, xoş gəlmisiniz! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 86
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, bayrama qədər görüşməyəcəyik. İcazə verin, sizi milli bayramımız – Respublika günü münasibəti ilə təbrik edim və sizin adınızdan Azərbaycan dövlətinin başçısı hörmətli Prezident cənab İlham Əliyevə təbrik ünvanlayım! (Alqışlar.)
Hörmətli millət vəkilləri, Respublika günü münasibəti ilə siz cənab Prezident tərəfindən rəsmi qəbula dəvətlisiniz. Etiraz eləmirsinizsə, bu gün iclasımızı tənəffüssüz keçirək. Etiraz yoxdur ki? Çox sağ olun.
Gündəliyin birinci məsələsinə keçirik. Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət büdcəsi ölkənin ali iqtisadi sənədi kimi həm ali icra orqanının, həm də ali qanunvericilik orqanının diqqət mərkəzindədir. Həmin orqanlar dövlət büdcəsinin gəlir və xərclərinin formalaşmasına təsir edən amilləri müəyyənləşdirir, ölkənin sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlərin reallaşmasına cavabdeh olan icra strukturlarının maliyyə təminatı ilə bağlı strateji məsələlərə öz münasibətini bildirir.
Dövlət büdcəsinin icrasının təhlili prosesində meydana çıxan problemlər, istifadə olunmamış ehtiyat mənbələri sonrakı illərin büdcəsinin tərtibi, iqtisadi və sosial üstünlüklərin seçilməsi, maliyyə nəzarətinin möhkəmləndirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı düzgün qərarların qəbul edilməsi üçün çox vacibdir. Bu prinsipi rəhbər tutaraq Milli Məclisin İqtisadi siyasət daimi komissiyası 2006-cı ilin dövlət büdcəsinin icrasına dair Milli Məclisə daxil olmuş hesabatı Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Nəqliyyat Nazirliyi, Rabitə Nazirliyinin rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə ətraflı müzakirə etmiş və bu mühüm sənədin Milli Məclisdə qəbul olunmasını tövsiyə etmişdir.
Razılıq hissi ilə qeyd etmək lazımdır ki, işgüzar, yüksək professionallıqla keçən müzakirələrdə komissiya üzvləri tərəfindən dövlət büdcəsinin icrası ilə əlaqədar bir sıra dəyərli təkliflər irəli sürülmüşdür. 2006-cı ilin dövlət büdcəsinin icrasının təhlilindən doğan əsas nəticələri qeyd etmək istərdim. Dayanıqlı və keyfiyyətli inkişafın maliyyə əsaslarının möhkəmlənməsi meyli 2006-cı ildə daha da möhkəmlənmişdir.
2006-cı il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərə nisbətən daha uğurlu, əsas makroiqtisadi göstəricilərin xeyli dərəcədə yaxşılaşdırılması ili kimi qiymətləndirilməlidir. Adambaşına düşən ümumi daxili məhsulun 2005-ci illə müqayisədə 600 manat, büdcə xərclərinin 230 manat, qeyri-neft sektorunun ümumi daxili məhsulunun 1,2 milyard manat, əhalinin pul gəlirlərinin 1,9 milyard manat və ya 23 faiz artması təmin edilmişdir. İlk dəfə olaraq 2006-cı ildə dövlət büdcəsinin xəzinə hesabının sərbəst qalığından 850 milyon ABŞ dolları məbləğində vəsait etibarlı idarəetməyə verilmişdir. Nəticədə dövlət büdcəsinin digər gəlirlərinə 5 milyon manat vəsait daxil olmuşdur. Ölkənin valyuta ehtiyatları, dövlət büdcəsinin gəlir və xərclərinin səviyyəsi, onların strukturunda baş verən dəyişikliklər bu fikri əyani surətdə sübut edir.
2006-cı ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnoza 100,8 faiz icra olunmuşdur ki, bu da 2005-ci ilə nisbətən 88 faiz çoxdur. Aşkar edilmiş ehtiyat mənbələri hesabına 2006-cı ilin dövlət büdcəsində dəqiqləşdirmə aparılmaqla gəlir və xərclərə müvafiq olaraq 430 milyon manat artırılmışdır. Bu vəsaitlər, əsasən, minimum əmək haqqının artırılmasına, müdafiə və təhlükəsizlik sahəsində maddi-texniki təminatın yaxşılaşdırılmasına, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının artırılmasına, təyinatla kənd yerlərinə gedən müəllimlərin əmək haqqına əlavələrə, tibbi avadanlıqların alınmasına, sosialyönümlü obyektlərin, o cümlədən Bakı şəhərinin qəsəbə və kəndlərində sosial infrastruktur obyektlərinin layihələşdirilməsinə və tikintisinə, bəzi layihələrin maliyyələşdirilməsi üçün xaricdən cəlb edilən kreditlər də Azərbaycan tərəfinin iştirakına yönəldilmişdir.
Büdcə gəlirlərinin formalaşdırılmasında iştirak edən strukturlar, ilk növbədə, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi büdcənin proqnozla dəqiqləşdirilmiş tapşırıqlarını yerinə yetirmişlər. Vergi intizamının möhkəmlənməsi və mədəniyyətinin yüksəlməsi istiqamətində həyata keçirilən islahatlar 2006-cı ildə də öz müsbət nəticəsini vermişdir. Vergi borclarının artmasının qarşısı alınmış, onların aşağı salınması meyli müşahidə olunmuşdur. Vergilər Nazirliyi proqnoza 101,7 faiz əməl etmiş, 2005-ci ilə nisbətən 1,2 milyard manat və ya 87,1 faiz çox vəsait təmin edilmişdir. Gömrük orqanları üzrə icra 2005-ci ilə nisbətən 139 milyon manat və ya 37 faiz çox olmuşdur.
Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaqların icarəyə verilməsindən büdcəyə proqnozda nəzərdə tutulduğundan 20 faiz çox vəsait daxil olmuşdur.
Neft amili 2006-cı ildə də dövlət büdcəsinin icrasına öz müsbət təsirini göstərmişdir. Dünya bazarında neftin qiymətinin yüksək olaraq qalması, ixrac olunan xam neftin həcminin artması, ölkənin valyuta gəlirləri büdcə gəlirlərinin artmasını təmin etmişdir. Hesablamalara görə hasilatın pay bölgüsü sazişləri üzrə mənfəət və muzdlu işlə əlaqədar gəlir vergisinin ümumi həcmi vergi daxilolmalarının 42 faizini təşkil etmişdir.
Büdcə gəlirlərinin formalaşmasında neft amili ilə yanaşı, qeyri-neft sektorunun da rolu artmağa meyl edir. 2005-ci ildə qeyri-neft sektorunda yaranan yeni dəyərin həcmi əvvəlki ilə nisbətən 8,2 faiz artaraq 5,7 milyard manat, 2006-cı ildə isə 13,5 faiz və ya 8,6 milyard manat təşkil etmişdir. Bununla belə, komissiya qeyd edir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi imkanlarından 2006-cı ildə daha səmərəli istifadə edilə bilərdi.
Dövlət büdcəsinin icrasına dair hesabatda büdcə xərclərinin strukturunda baş verən dəyişikliklərin mahiyyəti açıqlanır. Burada verilən məlumatlar bir daha sübut edir ki, ölkənin maliyyə imkanları artdıqca cari və strateji vəzifələr uğurla həll olunur. Onu göstərmək kifayətdir ki, sənaye və tikinti xərclərinə 5,4 dəfə çox, müdafiə xərclərinə 2,2 dəfə çox vəsait ayrılmışdır. Bununla belə, büdcə xərclərinin icrası 94 faiz təşkil etmişdir. Ən yüksək icra səviyyəsi nəqliyyat, rabitə və müdafiə sahəsinə, ən aşağı səviyyə isə ümumdövlət bölməsinə aid olmuşdur.
Bir prinsipial cəhəti də qeyd etmək istərdim. Bu məsələ komissiyada da vurğulandı. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın inkişaf səviyyəsi ilə bağlı fundamental baxışları, tövsiyələri iqtisadi inkişafa, maliyyə, bank, vergi, gömrük proqnozlarının əvvəlki illərə nisbətən əsaslı olmasına müsbət təsirini göstərmişdir. Hər bir proqnozlaşdırılan göstəricini, əsasən, iqtisadi araşdırmalar, ekspert qiymətləndirməsi, mütərəqqi üsullardan istifadə və sair təşkil edir. Əlbəttə, bu istiqamətdə görüləsi işlər çoxdur. Amma bu da bir həqiqətdir ki, respublikada iqtisadiyyatın yüksəlişi özünü göstərir.
İqtisadi strukturlar dövlət başçısının tapşırıqlarını rəhbər tutaraq, qloballaşan dünyanın tələblərini, təkidlərini, eyni zamanda, milli maraqları nəzərə alırlar. Büdcənin icrası prosesində inflyasiya təzyiqləri, manatın möhkəmlənməsi amilləri, əsasən, düzgün qiymətləndirilmiş, ölkədə makroiqtisadi sabitliyin davamlılığı təmin edilmişdir. Onu göstərmək kifayətdir ki, 2006-cı ildə pul gəlirlərinin artımı, istehlak qiymətlərinin artımı 3 dəfədən çox olmuşdur. Əlbəttə, qeyd etdiyim bu problem bu gün üçün də aktual olaraq qalır və komissiyada da bu fikir bir daha vurğulandı. Yəqin ki, 2007-ci ilin dəqiqləşmiş büdcəsi ilə bağlı müzakirədə bu məsələyə bir daha qayıdacağıq.
Komissiyada xüsusi vurğulandı ki, uzun illərdir, büdcədən maliyyələşən bir sıra təşkilatlarda ştat vakansiyaları mövcuddur. Onların komplektləşməsi üçün kifayət qədər iş görülmür. Dövlət büdcəsinin icrası ilə bağlı hesabatda elm sahəsinə ayrılan vəsaitlərdən istifadə məsələsi də öz əksini tapmışdır. Komissiya Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin bu məsələlərdə mövqeyini müdafiə edir. Elm qloballaşan tərəqqinin güclü amilinə çevrilir və biz də bu amildən respublikamızın inkişafı naminə istifadə etməliyik. Təəssüf ki, elm xərcləri də kəsirlə – 91,6 faiz həcmində yerinə yetirilmişdir.
Ümumdövlət xidmətləri üzrə, tətbiqi təyinatlar üzrə xərclər 81,7 faiz icra olunmuşdur. Ümumiyyətlə, elmin maliyyələşdirilməsi məsələsinə biz yeni tələblər baxımından yanaşmalıyıq. Məqsədli proqramlar, yaradıcılıq qrupları, həmçinin yerinə yetirilən işlərin inventarizasiyası və sair məsələlər diqqət mərkəzində olmalıdır. Azərbaycan elminin böyük potensialı var. Bu potensial ölkənin milli-mənəvi dəyərlərinin qorunmasına, Azərbaycan tarixinin, humanitar, sosial, iqtisadi problemlərin tətbiqi işinə yönəldilməli, eyni zamanda, ölkənin rəqabətə davamlılığının artmasına, dünyada Azərbaycanın layiqli yer tutmasına xidmət etməlidir. Ona görə də elmə ayrılan vəsaitlərin nəinki miqdarı, həm də səmərəliliyinin artması ön plana çəkilməlidir. Ümumiyyətlə, Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı məsələlər olduqca vacibdir.
Son illərdə ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq, səhiyyə xərclərinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artır. Bu meyl gələcəkdə də davam etdirilməlidir. Əvvəlki illə müqayisədə səhiyyə xərclərinin icrası 40 faiz artmışdır. Hazırda səhiyyə xərcləri ümumi büdcə xərclərinin 4,3 faizini təşkil edir. Əhalinin adambaşına düşən səhiyyə xərcləri 2006-cı ildə 19 manat təşkil etmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,5 dəfə çoxdur.
Ölkə başçısının tövsiyələrini rəhbər tutaraq, Səhiyyə Nazirliyinin rəhbərliyi mövcud problemlərin həlli, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə pulsuz səhiyyə xidmətinin təkmilləşməsi ilə bağlı konkret tədbirlər həyata keçirir. Bu fakt ona görə vurğulanır ki, səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılması, tibbi xidmətin adambaşına düşən əsas göstəriciləri üzrə xərclərin müəyyən edilməsi, səhiyyənin proqramlar üzrə maliyyələşdirilməsi üçün aparılan işlər illər boyu yığılıb qalmış məsələlərin həllinə imkan yaradacaq.
Dövlət büdcəsinin təhlili onu da qeyd etməyə əsas verir ki, gələcəkdə büdcə gəlirləri üzrə proqnozların tam yerinə yetirilməsi məqsədi ilə proqramların tərtibinə diqqət artırılmalıdır. Dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda, eləcə də Hesablama Palatasının rəyində büdcə vəsaitlərindən səmərəli istifadə edilməməsi ilə bağlı konkret faktlar verilmişdir. Bu kimi faktları gələcəkdə minimuma endirmək məqsədi ilə komissiya belə hesab edir ki, Azərbaycan Respublikasının müvafiq qanunverici aktlarına dövlət vəsaitlərindən istifadə qaydalarını pozduğuna görə vəzifəli şəxslərin məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğundur. Büdcə vəsaitləri hesabına yaranmış debitor və kredit borcları yaranmasına yol verilməməsi üçün nəzarət mexanizminin hazırlanması da vacibdir. Dövlət büdcəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar da büdcə gəlirlərinin və xərclərinin artmasına müsbət təsir etmişdir.
Dövlət büdcəsinin vahid xəzinə hesabında olan sərbəst qalığının idarəetməyə verilməsi, büdcə gəlirlərinin xarici valyuta ilə daxil olan hissəsindən konvertasiya edilmədən istifadə olunması, habelə birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsi ilə əlaqədar Milli Məclis tərəfindən büdcə sisteminə edilən dəyişikliklər xüsusi rol oynamışdır. 2006-cı ilin dövlət büdcəsinin icrası belə bir fikir söyləməyə əsas verir ki, Azərbaycan dövləti 2006-cı ildə düşünülmüş büdcə siyasəti yeritmişdir. Ölkənin iqtisadi inkişafı ilə sosial inkişafı arasında qarşılıqlı əlaqənin möhkəmlənməsi büdcə strukturunda mütərəqqi dəyişikliklərin edilməsini zəruri edir. Habelə təhsilin, səhiyyənin, elmin inkişafına daha çox vəsaitlərin ayrılması qanunauyğun inkişaf istiqaməti kimi qiymətləndirilməlidir.
Bəzi xarici ekspertlər respublikamızda büdcə xərclərinin əvvəlki illərə nisbətən sürətlə artmasından narahatlıq keçirirlər. Belə bir meyli inflyasiya mənbəyi kimi qiymətləndirirlər. Amma onlar unudurlar ki, respublikamızda bir sıra istiqamətlər üzrə adambaşına düşən büdcə xərcləri digər ölkələrə nisbətən xeyli aşağıdır. Azərbaycanda yoxsulluğun azaldılması, regionların sosial inkişafı, yeni iş yerlərinin yaradılması ilə əlaqədar çoxsaylı tədbirlər həyata keçirilir. Bunların da xeyli hissəsi dövlət büdcəsi hesabına reallaşdırılır.
Hörmətli millət vəkilləri, qeyd etmək istərdim ki, 2006-cı ilin büdcəsi ilə əlaqədar sizə kifayət qədər materiallar verilmişdir. Mən vaxtınızı almaq istəmirəm. Burada büdcə kəsiri ilə və dövlət borcu ilə əlaqədar konkret materiallar təqdim olunur. Dövlət büdcəsinin 2006-cı il təsdiq olunmuş büdcəsində büdcə kəsiri nəzərdə tutulmuşdu, lakin 2006-cı ilin yekunlarına görə obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan dövlətinin büdcəsində profisit yaranmışdır. Əlbəttə, mən bir iqtisadçı kimi buna həqiqi profisit də deyə bilmərəm. Bir sıra xərc maddələri üzrə nəzərdə tutulmuş icraat təmin olunmamışdır.
Buna baxmayaraq, Azərbaycan hökuməti, respublikanın iqtisadi qurumları qarşıdakı dövr üçün dürüstləşmələr aparmış və bütövlükdə builki büdcənin kəsirli tərtib edilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, 2006-cı ilin dövlət büdcəsinin icrası bu fikri söyləməyə əsas verir ki, 2006-cı ildə Azərbaycanın davamlı inkişafı təmin edilmiş, respublika sosial-iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilmişdir. Eyni zamanda, 2006-cı ilin büdcəsi gələcək illər üçün maliyyə bazası yaratmışdır.
2006-cı ildə Azərbaycan hökumətinin xarici borcu MDB məkanında ən aşağı səviyyədə qalmışdır − 9,2 faiz. Bu meyl indi də davam edir. Yəni borcla əlaqədar Azərbaycanın xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərlə bağlı problemlər yaranmamışdır. Bu bir daha göstərir ki, Azərbaycan dövləti düşünülmüş büdcə siyasəti həyata keçirir. Bunun da müsbət nəticələri artıq hamınıza məlumdur. Şübhəsiz ki, bütün büdcə təşkilatlarında maliyyə şəffaflığı təmin olunsaydı, 2006-cı ildə uğurlarımız daha çox ola bilərdi.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyası bu məsələni müzakirə edərkən öz tövsiyələrini bildirmiş, eyni zamanda, belə bir qərar qəbul etmişdir ki, Milli Məclis 2006-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabata müsbət münasibətini bildirsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Əyləşin. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İcazə verin, çıxışımın əvvəlində sizi qarşıdan gələn 28 May – Respublika günü münasibəti ilə təbrik edim, sizə ölkəmizin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişafı yolunda uğurlar diləyim, can sağlığı arzulayım!
Hörmətli millət vəkilləri! 2006-cı ilin dövlət və icmal büdcələri Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, əhalinin, ilk növbədə, onun aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi və ona dövlət qayğısının gücləndirilməsi, dövlətin investisiya qoyuluşunun artırılması hesabına ölkənin vacib infrastrukturlarının yaradılması və yenidən qurulması, dövlətimizin beynəlxalq və regional miqyasda mövqelərinin möhkəmləndirilməsi istiqamətində ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursunun maliyyəsini təmin etmişdir.
2006-cı ildəki iqtisadi nailiyyətlər sırasında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsi və Cənubi Qafqaz qaz boru kəmərinin inşasının başa çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyevin neft strategiyasının təntənəsini əks etdirən bu tarixi nailiyyətlər Şərq-Qərb enerji dəhlizinin reallaşdırılması istiqamətində müstəsna geosiyasi əhəmiyyətə malik olmaqla yanaşı, uzun illər ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin təmin olunmasına, bugünkü və gələcək nəsillərin rifahının yüksəldilməsinə ulu öndərin bəxş etdiyi ən dəyərli töhfələrdir.
2006-cı ildə ölkəmiz üçün mühüm iqtisadi, siyasi əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi üçün əməli addımlar atılmış, onun maliyyələşmə mənbələri müəyyənləşdirilmişdir.
İqtisadiyyatdakı müsbət meyllərin məntiqi davamı olaraq, 2006-cı ildə ümumi daxili məhsul 2005-ci illə müqayisədə rekord 34,5 faiz səviyyəsində olmuş, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 14,8 faiz, pullu xidmətlərin həcmi 42,1 faiz, əhalinin pul gəlirləri 23,4 faiz, banklardakı əmanətləri 65,7 faiz, xarici ticarət dövriyyəsi 36 faiz artmış, ölkənin məcmu valyuta ehtiyatları 60 faiz artaraq 3,9 milyard ABŞ dollarına çatmışdır.
Ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 2005-ci ildəki 1488 manatdan 2006-cı ildə 2 min 78 manata, büdcə xərcləri isə 254 manatdan 444 manata çatmış, orta aylıq əmək haqqı 19,8 faiz artaraq 141 manata yüksəlmişdir.
2006-cı ili dövlət və icmal büdcələrinin həm gəlir, həm də xərclərinin artım sürətinə və digər parametrlərinə görə keyfiyyətcə yeni səviyyəyə qalxması ili kimi qiymətləndirmək olar. 2006-cı il icmal büdcənin gəlirləri 4 milyard 867 milyon manat, xərcləri 4 milyard 742 milyon manat icra edilmişdir ki, bu da 2005-ci illə müqayisədə gəlirlər üzrə 54 faiz (1,7 milyard manat), xərclər üzrə 68,3 faiz (1,9 milyard manat) çoxdur. İcmal büdcədə 125 milyon manat profisit, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə 861 milyon manat kəsir qeydə alınmışdır. Bu da 2006-cı ildə istehsal olunmuş ümumi daxili məhsula nisbətən 4,9 faiz təşkil etmiş, nəzərdə tutulmuş proqnoza nisbətən 2,1 faiz az olmuşdur. 2006-cı ildə dövlət büdcəsinin mədaxili 3 milyard 837 milyon manat proqnozlaşdırılsa da, 3 milyard 869 milyon manat və ya 100,8 faiz olmuşdur. Bu da 2005-ci ilə nisbətən 1,8 milyard manat və 88,2 faiz çoxdur. Ümumi daxili məhsulda dövlət büdcəsinin gəlirlərinin xüsusi çəkisi 2005-ci ilə nisbətən 4,5 faiz artaraq 21,8 faiz təşkil etmişdir.
Vergilər Nazirliyi təsdiq olunmuş proqnoza 101,7 faiz əməl etmiş, büdcəyə nəzərdə tutulan 44,1 milyon manat, 2005-ci illə müqayisədə isə 87,1 faiz (1,2 milyard manat) çox vəsait toplamışdır. Toplanmış vəsaitin 30,5 faizi və ya 812 milyon manatı 9 iri vergi ödəyicilərinin payına düşür. Bu da 2005-ci illə müqayisədə 175 milyon manat və ya 27,4 faiz çoxdur.
2006-cı ildə Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 102,1 faiz və ya 2005-ci illə müqayisədə 140 milyon manat çox əməl edilmiş, büdcəyə 516 milyon manat vəsait daxil olmuşdur.
Dövlət Neft Fondu tərəfindən büdcəyə 585 milyon vəsait yönəldilməklə proqnoza tam əməl olunmuşdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə büdcəyə 66 milyon manat gəlir daxil olmuşdur.
Büdcə daxilolmalarında büdcə artımlarının əldə edilməsinə baxmayaraq, ölkədə böyük vergi potensialı mövcuddur ki, onların da büdcəyə cəlb edilməsi üçün əlavə işlər görülməlidir. 2006-cı ildə dövlət büdcəsinin xərcləri 4 milyard 25 milyon manat nəzərdə tutulsa da, 3 milyard 790 milyon manat və ya 94,2 faiz olmuşdur. Bu da 2005-ci illə müqayisədə 1 milyard 649 milyon manat və ya 77,1 faiz çoxdur. 2005-ci illə müqayisədə xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 3,4 faiz artaraq 21,4 faiz təşkil etmişdir.
2005-ci ilə nisbətən sənaye və tikinti xərclərinə 5,4 dəfə, müdafiə xərclərinə 2,2 dəfə, ümumi dövlət xidmətləri xərclərinə 2,1 dəfə, o cümlədən elm xərclərinə 11 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 80,3 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 54,9 faiz, səhiyyə xərclərinə 40,6 faiz, bədən tərbiyəsi və gənclər siyasətinin tədbirləri xərclərinə 39,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 37,2 faiz, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinə 35,1 faiz, mədəniyyət, incəsənət sahəsində fəaliyyət xərclərinə 31,9 faiz, təhsil xərclərinə 28,6 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 12 faiz, əsas bölmələrə aid edilməyən xərclərə 5,1 faiz çox vəsait yönəldilmişdir.
Dövlət büdcəsinin faktiki xərclərinin 26,9 faizi əsaslı tikinti və əsaslı təmirə (2005-ci ilə nisbətən 785 milyon manat və ya 3 dəfə çox), 24 faizi əməyin ödənişi fonduna (2005-ci ilə nisbətən 61,2 faiz çox), 14 faizi əsas vəsaitlərin, inventar və avadanlığın alınmasına (2005-ci ilə nisbətən 3,5 dəfə çox), 10 faizi təqaüdlər və sosial müavinətlərin maliyyələşdirilməsinə (2005-ci illə müqayisədə 40,6 faiz çox), 3,7 faizi ərzaq məhsulları, dərman və sarğı ləvazimatlarının alınmasına (2005-ci ilə nisbətən 2,7 dəfə çox), 3,9 faizi nəqliyyat, kommunal və telefon danışıqlarının ödənilməsinə (2005-ci ilə nisbətən 72,1 faiz çox), 2,6 faizi ehtiyat fondlarının xərclərinə (2005-ci ilə nisbətən 3,4 dəfə çox), 2,5 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən dotasiyalara (2005-ci ilə nisbətən 60,4 faiz çox), 12,4 faizi digər xərc maddələrinə yönəldilmişdir.
Hesabat ilində əhalinin sosial müdafiəsinin, xüsusi ilə aztəminatlı hissəsinin maddi təminatının yaxşılaşdırılması üçün nəzərə çarpacaq işlər görülmüş, dövlət büdcəsi xərclərinin 36,6 faizi və ya 1 milyard 388 milyon manatı sosialyönümlü xərclərin maliyyələşməsinə yönəldilmişdir. Bu da 2005-ci ilə nisbətən 64 faiz və ya 542 milyon manat çoxdur. Sosialyönümlü xərclərin tərkib hissəsi kimi 2006-cı ildə yaşa görə əmək pensiyalarının baza hissəsinin minimum əmək haqqının həddi 40 manata çatdırılmış, 15 min şəhid ailələrinin hər birinə 100 manat, 20 Yanvar şəhidlərinin ailəsi üçün 300 manat məbləğində, habelə dövlət qarşısında böyük xidmətləri olan 47 nəfərə (bütövlükdə ölkə üzrə 433 nəfər) ölkə Prezidentinin fərdi təqaüdləri təsis edilmiş və tam maliyyələşdirilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial-məişət və yaşayış şəraitinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görülmüş, son 3 ildə 5 min 160 məcburi köçkün ailəsi çadır düşərgələrindən tam sosial infrastruktura malik yeni salınmış qəsəbələrə köçürülmüş və fərdi evlərlə təmin edilmişdir. Onlara verilən yemək xərci isə 50 faiz artırılmışdır.
Ötən il minimum aylıq əmək haqqının artımı prosesində dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş vəzifə maaşlarının orta hesabla 30 faiz artımı ilə yanaşı, əlavə olaraq aylıq vəzifə maaşları səhiyyə sahəsində 30 faiz, təhsil, mədəniyyət və sosial təminat sahələrində 25 faiz, hərbi qulluqçuların hərbi rütbə və aylıq vəzifə maaşları 100 faiz, dövlət qayğısının təzahürü olaraq bəzi yaradıcı kollektivlərin əmək haqları 3 dəfə artırılmışdır.
Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik müavinətin ödənilməsinə ölkə Prezidentinin Ehtiyat Fondundan 3,3 milyon manat vəsait ayrılmışdır. Bütövlükdə 2006-cı ildə əhalinin sosial güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən bu tədbirlər 2 milyon nəfərdən artıq əhaliyə şamil edilmişdir.
2006-cı ili səciyyələndirən xüsusiyyətlərdən biri də odur ki, ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində 2006-cı il dövlət və icmal büdcələri sosial yönümlüyü ilə yanaşı, investisiya yönümlü, inkişaf və quruculuq büdcələrinə çevrilmiş, həyata keçirilən iqtisadi islahatlar, bir çox dövlət proqramları, əsasən, dövlət büdcəsindən maliyyələşmişdir. Belə ki, 2006-cı ildə ölkə iqtisadiyyatına dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 880 milyon manat, Dövlət Neft Fondunun vəsaitlərindən 395 milyon manat, hökumət zəmanəti ilə xaricdən cəlb edilən kreditlər hesabına 480 milyon ABŞ dolları məbləğində vəsait yönəldilmişdir. 2005-ci ilə nisbətən bu göstərici manat ifadəsi ilə 1,3 milyard manat və ya 3,4 dəfə çox olmuşdur.
Ötən ildə investisiya xərclərindən sosial təyinatlı layihələrə 96 milyon manat, o cümlədən təhsil müəssisələrinin tikintisi və əsaslı təmirinə 41,3 milyon manat vəsait ayrılmış, səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 24 milyon manat vəsait sərf edilmiş, o cümlədən şəhər və rayonlarda 470 çarpayılı 6 xəstəxana və bir poliklinika tikilmiş, 8 rayon mərkəzi xəstəxanasında, Klinik Tibb Mərkəzində, Respublika Müharibə və Əmək Veteranları Xəstəxanasında təmir və bərpa işlərinə başlanılmışdır.
Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftolmologiya İnstitutunda tikinti işləri davam etdirilmiş, Talassemiya Mərkəzinin tikintisinə başlanılmış, eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlərin məskunlaşdığı rayonlarda 1 xəstəxana, 6 tibb və həkim ambulatoriyası tikilib istifadəyə verilmişdir.
Mədəniyyət və turizm obyektlərinin tikintisi və təmirinə ayrılmış 11,6 milyon manat vəsait hesabına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Azərbaycan Gənc Tamaşaçılar Teatrında, İncəsənət Muzeyində, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Dövlət Film Fondunda, Bakı Dövlət Sirkində, Heydər Əliyev sarayında və digər mədəniyyət obyektlərində təmir-bərpa işlərinin həyata keçirilməsinə, Qusar rayonunda turizm infrastrukturunun tikintisinə başlanılmışdır.
Gənclər və idman obyektlərinin tikintisinə və təmirinə yönəldilmiş 14,1 milyon manat vəsait hesabına Heydər Əliyev adına İdman Konsert Kompleksinin və Respublika Olimpiya Mərkəzinin əsaslı təmirinə, ölkənin rayonlarında 10 idman kompleksinin tikintisinə, Tofiq Bəhramov adına Respublika stadionunda, Salyan, Lerik, Kürdəmir rayonlarının yenidənqurma işlərinə başlanılmışdır.
2006-cı ildə infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə 574 milyon manat vəsait sərf edilmişdir. Uzun illərdən sonra 2006-cı ildə ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması geniş vüsət almış, bu məqsədlə 162,5 milyon manat məbləğində vəsait ayrılmaqla 13 körpünün inşasına başlanılmış, eyni zamanda, 885 kilometrə qədər respublika əhəmiyyətli, şəhərdaxili və kəndarası avtomobil yollarının tikintisi və əsaslı təmiri həyata keçirilmiş, ölkənin bir sıra ucqar və qədim kəndlərinə yollar çəkilmişdir.
“Azal” Dövlət Konserninin Zaqatala və Lənkəran hava limanlarının tikintisi və yenidən qurulması üçün 22 milyon manat, Xəzər Dəniz Gəmiçiliyinə xam neft və neft məhsulları daşıyan tankerin alınması üçün 13 milyon manat, Azərbaycan Dövlət Dəmir Yoluna yeni lokomotivlərin alınması üçün 10 milyon manat vəsait ayrılmışdır.
Ölkəmizin enerji təhlükəsizliyini, ölkə regionlarının elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədi ilə modul tipli 5 elektrik stansiyanın tikintisinə 240,5 milyon manat sərf edilmişdir. Naxçıvan Muxtar Respublikasının, Lerik, Yardımlı və Ağcabədi rayonlarının qazlaşdırılmasına 37,2 milyon manat vəsait yönəldilmişdir.
2006-cı ildə meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və təmirinə 188,7 milyon manat vəsait yönəldilmişdir. Dövlət investisiya xərcləri çərçivəsində 2006-cı ildə Dövlət Neft Fondunun hesabına 395,1 milyon manat vəsait bir sıra mühüm layihələr, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və məskunlaşdırılması problemləri həll edilmiş, sosial-məişət infrastrukturlarına malik olan qəsəbələrin salınmasına 110 milyon manat xərclənmişdir.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 75,4 milyon manat, Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsi üçün 82,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üçün 37 milyon manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması üçün 90 milyon manat vəsait ayrılmışdır.
2006-cı ildə qarşıya qoyulan əsas vəzifələrdən biri də xarici ölkələrdəki diplomatik qurumların saxlanılması xərclərini təkmilləşdirmək, həmçinin cari xərclərdən çox əsaslı xərclərə yönəltmək olmuşdur. Bu məqsədlə xaricdə olan diplomatik qurumlarımızın icarə haqlarının əvəzinə onlara binaların, torpaq sahələrinin alınması işinə başlanılmışdır. Ölkə Prezidentinin Ehtiyat Fondundan Polşada, Bolqarıstanda, Latviyada, Qazaxıstanda, Moldovada, Türkiyənin Qars şəhərində səfirlik və konsulluqlar, BMT-nin Cenevrədəki bölməsinin yanında daimi nümayəndəlik üçün binalar alınmasına 15,5 milyon manat vəsait yönəldilmişdir.
Beynəlxalq siyasi və iqtisadi arenada Azərbaycanın artan imicinin davamı olaraq 2006-cı ildə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında, Mərakeş Krallığında və Belarus Respublikasında yeni təsis edilmiş səfirliklərinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələləri üçün 1,5 milyon manat vəsait ayrılmışdır.
Hesabat ilində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısı, Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının səkkizinci illik yığıncağı, İslam Konfransı Təşkilatına üzv olan xarici işlər nazirlərinin 33-cü konfransı və həmin təşkilatın turizm nazirlərinin konfransı, BMT-nin Avropa və Asiya və Sakit Okean üzrə İqtisadi Komissiyalarının İdarəetmə Şurasının iclasının keçirilməsi xərcləri (4,3 milyon manat) dövlət büdcəsindən maliyyələşdirilmişdir.
Ölkədə aqrar sahədə lizinq əməliyyatlarının inkişaf etdirilməsi məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyəti üçün 38 milyon manat, ipoteka kreditlərinin təşkil edilməsi üçün İpoteka Fonduna 20 milyon manat, sahibkarlara güzəştli kreditlərin verilməsi üçün Sahibkarlıq Fonduna 74 milyon manat vəsait ayrılmışdır. Yerli büdcələrə, yəni bələdiyyələrə dövlət büdcəsindən 3 milyon manat dotasiya verilmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 74 milyon manat vəsait ayrılmışdır. Həmçinin Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramında nəzərdə tutulmuş işlərin maliyyələşdirilməsinə 25,8 milyon manat, Əli Bayramlı və Mingəçevir şəhərlərinin ərazisinə yağan leysan yağışlar nəticəsində şəhər təsərrüfatına və əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına 3 milyon manat, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının artırılması üçün 15 milyon manat, Bakı şəhərinə kommunal təyinatlı maşın və texnikanın alınması üçün 9,7 milyon manat vəsait sərf edilmişdir.
Hesabat ilində dövlət büdcəsinin Ehtiyat Fondundan büdcədə nəzərdə tutulmayan bir sıra xərclərin maliyyələşdirilməsinə 23,5 manat, o cümlədən “quş qripi”nə qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə 3 milyon manat, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının əmək haqlarının tənzimlənməsinə 1,4 milyon manat, Mingəçevir su anbarına və Xanlar rayonunun Dozular kəndində baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılmasına 1,3 milyon manat, Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi ilə bağlı xərclərə 1,2 milyon manat, Dulcan və Balakən çaylarının sahilbərkitmə işlərinə 1,2 milyon manat, 604 bələdiyyəyə yeni, təkrar və əlavə seçkilərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 1,2 milyon manat vəsait sərf olunmuşdur.
Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramının icrası 2006-cı ildə də uğurla davam etdirilmiş, bu proqramın il ərzində respublikanın 27 rayon və şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn maliyyə məsələlərinin həlli üçün dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 155,8 milyon manat vəsait sərf edilmişdir.
2007-ci il 1 yanvar tarixinə dövlətin daxili borcu 205,1 milyon manat, o cümlədən dövlət istiqraz vərəqələri üzrə 63 milyon manat, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin zəruri kapitala və likvidliyə olan tələbatını ödəmək məqsədi ilə buraxılmış dövlət qiymətli kağızları üzrə 8,7 milyon manat, mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikasının Milli Bankının silinmiş əsas borcu məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə 62,8 milyon manat, 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi məqsədi ilə Milli Bankın istifadə edilmiş kredit resurslarını qaytarmaq üçün bankda yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə 70,3 milyon manat, 2001-ci il dövlətdaxili uduşlu istiqraz vərəqləri üzrə 0,3 milyon manat təşkil etmişdir.
Hesabat ilində xarici borclanmada ehtiyatlı siyasət davam etdirilmişdir. 2007-ci il yanvarın 1-dək beynəlxalq maliyyə-kredit və digər kreditor təşkilatlarla 4 milyard 115 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər 1 milyard 972 milyon ABŞ dolları təşkil etmişdir. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 9,9 faizini təşkil etmişdir ki, bu hədd də ümumən beynəlxalq borclanma təcrübəsində çox aşağı hesab olunur.
Hesabat ilində 20-25 il müddətinə bir sıra yeni kredit müqavilələri imzalanmışdır. O cümlədən Bakı-Şamaxı-Muğanlı və Ələt-Masallı yollarının tikintisini (200 milyon ABŞ dolları – 20 il), Şərq–Qərb avtomobil layihəsini (53 milyon ABŞ dolları – 25 il), Gəncə və Şəki şəhərlərinin su təchizatı layihəsini (37,3 milyon avro – 35 il), kənd təsərrüfatının inkişafı kreditləşmə layihəsini, səhiyyə sektorunda islahatlar layihəsini reallaşdırmaq üçün kredit sazişləri imzalanmışdır.
Dövlət büdcəsindən yönəldilən vəsaitlər də nəzərə alınmaqla 2006-cı il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar 136,3 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirilmişdir. 2006-cı il dövlət büdcəsinin yerli gəlirləri 260,5 milyon manat və ya 107,8 faiz icra edilmişdir ki, bu da 2005- ci ilə nisbətən 80,2 milyon manat və ya 44,5 faiz çoxdur.
2006-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 446,2 milyon manat dotasiya və maliyyə yardımı ayrılmışdır. Bu da 2005-ci illə müqayisədə 123 milyon manat və ya 38 faiz çoxdur.
2006-ci ildə dövlət büdcəsinin yerli xərcləri 586 milyon manat və ya 94,2 faiz icra olunmaqla 2005-ci illə müqayisədə 150 milyon manat və ya 34,4 faiz çox olmuşdur.
2006-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri arasında saldo müsbət olmaqla 78,6 milyon manat məbləğində profisit yaranmışdır. 2006-cı ildə mövcud hüquqi bazanın təkmilləşməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra vacib addımlar atılmışdır. “Büdcə sistemi haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, ilk dəfə olaraq əhalinin yaşayış səviyyəsinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Qeyd olunun qanunvericilik aktlarının qəbulu birmənalı olaraq dövlət və icmal büdcələrin gəlir və xərclərinin daha şəffaf idarə olunmasına, bu büdcələrə əlavə gəlirlərin cəlb edilməsinə, həmçinin xərclərin artırılmasına ciddi təminat verəcəkdir. Respublikamız müstəqillik əldə etdikdən sonra, ilk dəfə olaraq, büdcə ili ərzində dövlət büdcəsinin vahid xərcləri hesabında olan vəsaitin qalığının (söhbət sərbəst qalıqdan gedir) idarəetməyə verilməsi, büdcənin icrası prosesində birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsi kimi mühüm məsələlərin həlli üçün hesabat ilində hüquqi baza yaradılmışdır.
Məlumat üçün bildirmək istərdim ki, xəzinə qalıqlarının idarəetməyə verilməsi hesabına 2006-cı ildə dövlət büdcəsinə əlavə 4,8 milyon manat vəsait daxil olmuşdur. Ölkədə maliyyə nizam-intizamının möhkəmləndirilməsi, dövlətin maliyyə resurslarının maksimim dərəcədə səmərəli istifadə olunması, ciddi çoxpilləli nəzarət mexanizmlərinin tətbiq edilməsi üçün qanunvericilik bazası yaradılmış, onun təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş davam etdirilmişdir. Habelə Maliyyə Nazirliyi tərəfindən bir sıra yoxlama və təhlillər aparılmışdır.
2006-cı ildə Maliyyə Nazirliyinin iş planına, habelə vətəndaşların müraciətlərinə əsasən 12 rayon (şəhər) üzrə maliyyə orqanlarında və həmin rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılmış təftiş və yoxlamalarda 3,9 milyon manat məbləğində büdcə vəsaitinin artıq və əsassız xərclənməsi halları aşkar edilmiş, dövlətə vurulmuş ziyanın bərpa edilməsi və təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədi ilə zəruri işlər həyata keçirilmiş, dövlətə dəymiş zərərin 0,8 milyon manatı büdcəyə bərpa edilmişdir.
Eyni zamanda, 35 müəssisə və təşkilatlarda təftiş və yoxlamalar aparılmış, nəticədə 75 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi, bəzi dövlət müəssisələrində istehsal olunan məhsulların maya dəyərindən aşağı qiymətə satıldığı müəyyən edilmişdir. Yoxlama materialları müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
Hesabat ilində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsi, ayrı-ayrı büdcə təşkilatları tərəfindən əmək haqqının və digər ödənişlərin verilməsi və digər məsləhətlərlə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 120 məhkəmə prosesinə cəlb olunmuş, başa çatmış 85 məhkəmə prosesi üzrə dövlət büdcəsindən 18 milyon manata yaxın məbləğdə vəsaitin tələb edilməsinin qarşısı alınmışdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2006-cı il dövlət və icmal büdcələrinin icrası Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dinamik inkişafın və ahəngdar iqtisadi artımın təmin edilməsində mühüm rol oynamış, cari ildə ölkə iqtisadiyyatının inkişaf templərinin daha da sürətləndirilməsi üçün əsaslı zəmin yaratmışdır.
Çıxışımın yekununda Milli Məclisin komissiyalarında 2006-cı il dövlət büdcəsinin icrası ilə bağlı məsələlərin ətraflı və dəyərli müzakirələrində iştirak etmiş millət vəkillərinə dərin minnətdarlığımı bildirir, bütün millət vəkillərini dövlət büdcəsinin icrası barədə hesabatı məqbul hesab etməyə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2006-cı ilin dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Xahiş edirəm, əyləşin. Çıxışa 39 nəfər yazılıb. Etiraz yoxdursa, çıxışları 5 dəqiqə edək. Pənah bəy, Sizə 10 dəqiqə vaxt verərik. Mən öz vaxtımdan verərəm. Cəmil Həsənli, buyurun.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim bir-iki sualım var. Birincisi, həm Ziyad müəllim, həm də Samir müəllim 2006-cı il büdcəsi haqqında ətraflı məlumat verdi. Mən bilmək istəyirəm, 2006-cı ildə dövlət büdcəsi hesabına qoyulan sərmayələrin səmərəliliyi niyə aşağı olub? Bu, Hesablama Palatasının rəyindən də görünür. Ümumiyyətlə, büdcə sənədlərinin təhlilindən də aydın olur ki, bir qayda olaraq, dövlət büdcəsi hesabına qoyulan investisiyaların səmərəliliyi 2006-cı ildə aşağı düşüb.
İkincisi, Təhsil Nazirliyi büdcədən ona ayrılan vəsaitin cəmi 18,8 faizinə nəzarət edir. Təhsil Nazirliyi yeganə qurumdur ki, müvafiq istiqamət üzrə ayrılan vəsaitlərin 80 faizindən çoxuna nəzarət etmir. Bu anlaşılmazlıq nə ilə bağlıdır?
Bir də ki, Samir müəllim, 2006-cı ildə dövlət büdcəsinin xərclər hissəsi 94,2 faiz icra edilib. Bu kəsir, yəni qalan hissənin icra olunmaması nə ilə bağlıdır? Ünvanlı sosial yardımlar ki büdcədən verilir. 2006-cı ildə cəmi 50 min ailəyə pul verilibdir. Ünvanlı sosial yardımların bu qədər aşağı olması nə ilə izah edilir? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yəqin ki, bu suallara Samir müəllim axırda cavab verəcək. Hörmətli millət vəkilləri, büdcənin nəticəsi haqqında Hesablama Palatasının rəyi hamınıza paylanılıb. Əgər ehtiyac varsa, Hesablama Palatasının sədri 5-10 dəqiqəlik açıqlama versin. Heydər Əsədov, buyurun.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışıma başlamazdan əvvəl hörmətli millət vəkillərindən qısa müddət ərzində hazırlanmış, mahiyyət etibarı ilə hökumətin bir büdcə ili ərzindəki siyasətinin nəticələri üzrə sənədə dair rəydəki hər hansı bir çatışmazlığın əhatə dairəsinin məhdudluğunu, audit məlumatlarının azlığını və analitik təhlilin istənilən səviyyədə olmamasını üzrlü saymalarını xahiş edirəm.
Eyni zamanda, onu da bildirməyi zəruri hesab edirəm ki, təqdim etdiyimiz rəydə göstərilən faktların mövcudluğu bir tərəfdən subyektiv səbəblərlə bağlıdırsa, digər tərəfdən mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsinə olan zərurət ilə bağlıdır. Belə ki, “Büdcə sistemi haqqında” Qanuna görə dövlət büdcəsinin icrası barədə illik hesabat növbəti ilin may ayının 15-dən gec olmayaraq Milli Məclisə təqdim edilir. Problem ondan ibarətdir ki, təqdim edilmiş hesabatın öyrənilməsi, auditi, təhlili və maliyyə ekspertizasının aparılması, müəyyən edilən vaxt çərçivəsində onun yerinə yetirilməsi mümkün deyil.
Ona görə də bu problemin həlli illə əlaqədar qısa müddət ərzində 20-dən artıq dövlətin təcrübəsini öyrəndik. Bu təcrübənin öyrənilməsi göstərdi ki, həmin ölkələrdə də hökumətin hesabatı, respublikamızda olduğu kimi, aprel-may aylarının sonunda başa çatır. Lakin həmin ölkələrdə palatalar tərəfindən hökumətin hesabatına rəy verilməsi 3 aydan 7 aya qədər davam edir. Bu müddət ərzində Hesablama Palatası özünün bütün ekspert təhlillərini, müqayisəsini aparır.
Milli Məclisin Sədri, eləcə də millət vəkilləri tərəfindən qaldırılmış məsələləri yerində araşdırdıqdan sonra büdcənin icrası prosesinə qiymət verilməsi məsələsinə başlanılır. Fikrimizcə, bu problemin həlli üçün Milli Məclisin Sədrinin belə bir vaxt təyin etməsi bizim qanunvericilik aktlarında da, Hesablama Palatasının Nizamnaməsində də göstərilmişdir. Ona görə də mən millət vəkillərindən bundan sonra büdcənin icrası ilə bağlı həmin qanunvericilik aktlarına belə bir dəyişiklik edilməsində bizə yardımçı olmalarını xahiş edirəm.
Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında hesabata gəldikdə, hər şeydən əvvəl demək lazımdır ki, hesabat “Büdcə sistemi haqqında” Qanunun tələblərinə müvafiq hazırlanmış və Azərbaycan Respublikasının Milli Məclisinə nəzərdə tutulmuş qaydada təqdim edilmişdir. 2007-cı ildə dövlət büdcəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi sürətlə davam etdirilmişdir. Artan maliyyə axınının daha səmərəli idarə olunması, dövriyyədə inflyasiya təzyiqinin yumşaldılması, dövlət büdcəsinin tənzimləyici rolunun yüksəldilməsi istiqamətində büdcə prosesinə bir çox mühüm yeniliklər daxil edilmişdir. Büdcə təcrübəsində yaranan həmin yeniliklər büdcənin sterilizator rolunu gücləndirmiş və antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə yardımçı olmuşdur.
2006-cı ilin dövlət büdcəsinin icrası olduqca əlverişli makroiqtisadi şəraitdə həyata keçirilmişdir. Burada qeyd edildiyi kimi, iqtisadi artım sürətinə görə Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Bunlar əlverişli makroiqtisadi şəraitin, dövlətin tənzimləyici funksiyasının gücləndirilməsinə yönəldilmiş siyasətin məntiqi nəticəsidir.
Bütün bunlarla bərabər, hesabat məlumatlarının təhlili həm büdcənin gəlirlərinin artırılması, həm də xərclərin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir çox ehtiyat mənbələrinin mövcudluğunu və vergi yığımlarının artırılması üçün potensialın olduğunu sübut edir. Belə ki, hesabat ili ərzində vergi borclarının həcminin artırılması, xüsusi ilə həmin borcların daha artıq sürətlə davam etməsi, iri vergi ödəyiciləri tərəfindən büdcəyə nəzərdə tutulduğundan və hesablanmış vergidən xeyli az vergi ödənilməsi, bir sıra təbii inhisarçı təşkilatlarda vergilərin ayrı-ayrı subyektlər tərəfindən deyil, mərkəzləşmiş şəkildə ödənilməsi, habelə Hesablama Palatasının rəyində göstərilən digər səbəblər büdcəyə ödənilməli olan potensial vergilərin həcmini azaldır. Bu da ümumilikdə büdcə gəlirlərini azaltmaqla yanaşı, iqtisadi sabitliyin qorunmasında, antiinflyasiya tədbirlərinin həyata keçirilməsində müəyyən qədər çətinliklər yaradır. Belə hallar vergilərin məcburi ödəniş sistemində bir sıra iqtisadi və hüquqi problemlərin mövcudluğunu, normativ bazanın təkmilləşdirilməsini tələb edir. Onların həll edilməsi üçün cari ildə ayrı-ayrı dövlət orqanlarının birgə fəaliyyətini daha da təkmilləşdirmək və vergi inzibatçılığını gücləndirmək vacibdir.
Büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən qeyri-vergi daxilolmaları üzrə proqnoza əməl edilməməsinin səbəbi isə, ilk növbədə, ölkədə istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı müqavilə qiymətləri ilə daxili topdansatış qiymətləri arasındakı fərqin dövlət büdcəsinə tam köçürülməsinin tam təmin edilməməsi ilə əlaqədardır.
Daha bir problem nizamnamə kapitalında dövlətin payı olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlər və qeyri-maliyyə təşkilatları tərəfindən büdcəyə çatası dividendlərin tam həcmdə deyil, vur-tut 25 faiz ödənilməsi ilə bağlıdır. Bu sahədə nəzarətin tamamilə yenidən qurulmasına, uçot-hesabat işinin təkmilləşdirilməsinə böyük ehtiyac duyulur.
Büdcədənkənar vəsaitlər üzrə də vəsaitlərin yerinə yetirilməsində müəyyən problemlər var. Qısa müddət ərzində Hesablama Palatasının apardığı təhlillər göstərir ki, təhsil müəssisələrində, bəzi səhiyyə obyektlərində pullu xidmətlərdən daxil olan vəsaitlərin xəzinə hesabına tam mədaxil edilməməsi və ya kassa vasitəsi ilə birbaşa xərclənməsi onun uçotunda və ya proqnozların yerinə yetirilməsində problemlər yaradır. Eyni zamanda, smetaların qeyri-real tərtibi də proqnozların yerinə yetirilməməsində mühüm rol oynayır.
2006-cı ilin dövlət büdcəsi ilə bağlı Hesablama Palatasının rəyində göstərilən müsbət cəhətlərlə yanaşı, onu səciyyələndirən nöqsanlardan biri də büdcə təşkilatlarında vakansiyanın tam komplektləşdirilməməsi hesabına əmək haqqına qənaət edilməsidir. Bu məsələ cari ildə də diqqət mərkəzində saxlanılmalıdır.
Ziyad müəllimin qeyd etdiyi kimi, 2006-cı ildə bir sıra təşkilatlarda debitor borcların həcminin artması da narahatedici amil kimi qiymətləndirilməlidir. Hörmətli millət vəkilləri, sizin diqqətinizi debitor borclara cəlb etmək istəyirəm. Bunlar, sadəcə, debitor borcları deyil. Dövlət vəsaiti sifarişçi təşkilatlara yönəldilir və ondan maliyyə resursu kimi istifadə edilir. Biz bunu bu cür qiymətləndirməliyik. Nəzərinizə çatdırmaq istəyirəm ki, analitik təhlillər göstərir ki, sifarişçi təşkilatlar dövlət vəsaitindən istifadə edərkən öz öhdəliklərini yerinə yetirməmiş və büdcə təşkilatlarından həmin resurslara görə cərimə tutulması baş verməmişdir. Ona görə də hesab edirik ki, büdcə vəsaitinin müəyyən hissəsinin səmərəsiz istifadəsinə şərait yaranmışdır.
Kreditor borcları sahəsində də problemlər qalmaqdadır. 1993-cü ildən əvvəl bir sıra büdcə təşkilatlarının aldıqları kreditlər üzrə yaranmış borcların taleyi bu gün də həll edilməmişdir. Debitor borclarla yanaşı, kreditor borcların də həcmi xeyli miqdarda artmışdır. Fikrimizcə, cari ildə büdcənin tərtibi prosesində bu problemin həlli, yaxud həmin borcların silinməsi üçün əməli tədbirlər görülməlidir.
Elm, təhsil və səhiyyə müəssisələrində elmi tədqiqat işlərinin xərc normalarının hazırlanmasında onları tənzimləyən bir çox sənədlərin olmaması, yaxud keçmiş normativ sənədlərdən istifadə həmin xərclərin kifayət qədər əsaslı olmasını şübhə altına alır. Təhsil, səhiyyə, mədəniyyət və idman siyasətinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə baxmayaraq, bir sıra təhsil xərclərinin yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilməsi, habelə həmin xərclərin bir hissəsinin şəhər və ya kənd icra nümayəndəlikləri tərəfindən bölünməsi onların hesablanmasında müəyyən problemlərə gətirib çıxarır.
Ali və orta təhsil müəssisələrində ştatların müəyyən edilməsi üçün vahid normativ qaydaların olmaması, müəllimlərə və digər təhsil işçilərinə yardımların ödənilməsinin vahid metodikasının işlənib hazırlanmaması, ödənişli təhsil sistemi haqqının Tarif Şurası tərəfindən təsdiq edilməməsi bəzi hallarda həm qiymətdə, həm də ödənilən yardımlar arasında fərqliliyə, həmçinin pərakəndəliyə gətirib çıxara bilir. Həmin problemlər eyni ilə səhiyyə sistemində də mövcuddur.
Kommunal sistemdə də zərərin maliyyələşdirilməsinə ayrılan vəsaitin mərkəzləşdirilmiş bölgüsündə müəyyən nöqsanlara yol verilib. Burada rayonlar üzrə bölgüdə və arqumentləşdirilmiş bölgüdə xüsusi metodika işlənib hazırlanmalıdır və bu işlər nəzarətə götürülməlidir.
Xüsusi ilə Bakı şəhəri üzrə abadlıq işləri üçün xərclərin bölüşdürülməsinin xüsusi mexanizminin hazırlanmasına ehtiyac duyulur. Eləcə də son dövrlərdə büdcə vəsaitlərinin idarə edilməsi ilə yanaşı, onun nəticələrinin yüksəldilməsi problemi də gündəliyə gətirilməlidir. Yəni uzun müddət ərzində bir sıra büdcə təşkilatlarında vəsaitlərdən istifadənin səmərəliliyinin meyarları müəyyən edilməlidir. Yəqin ki, Hesablama Palatası tərəfindən cari ildə bir sıra sistemlər üzrə alınan vəsaitlərdən istifadə olunmasını səciyyələndirən meyar göstəriciləri hazırlanacaq və həmin vəsaitlərdən istifadə sahəsində ayrı-ayrı nazirliklərin və təşkilatların nəyə nail olduqları növbəti hesabatlarımızda hörmətli millət vəkillərinin diqqətinə çatdırılacaqdır. Həmin problemlər eyni ilə kənd təsərrüfatı və ekologiya sahəsinə də aid edilir.
Nəhayət, satınalmalar üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi labüddür. Bir sıra təşkilatlara vəsait ayrılmasına baxmayaraq, həmin vəsaitdən uzun müddət istifadə edilmir. Sonradan tenderlər keçirilməsinə şərait yaratmamaq üçün həmin qanunvericilik aktlarının da təkmilləşdirilməsinə ehtiyac duyulur.
Çıxışımın sonunda bir məsələni də qeyd etmək istəyirəm. Bəzən sahə nazirlikləri tərəfindən hazırlanan qanun layihələrində xeyli miqdarda xərc tələb edən, hətta makroiqtisadi sabitliyə təsir göstərə biləcək səviyyədə xərc tələb edən müddəaların salınmasına yol verilir. Mən də hesab edirəm ki, həmin layihənin hazırlanmasında hörmətli millət vəkillərimiz bir qədər diqqətli olmalıdırlar. Hesablama Palatası qeyd etdiyim nöqsanlarla və yaxud gələcəkdə arzu edilən təkmilləşmələrlə yanaşı, büdcənin icrasında olduqca böyük uğurlar qazanıldığını qeyd edir. Hesablama Palatası hazırladığı rəsmi rəydə də bunu təsdiq edir. Hörmətli Prezidentimizin rəhbərliyi altında aparılan siyasətin məntiqi nəticəsi olaraq, məndən əvvəl hörmətli maliyyə nazirimizin və Ziyad müəllimin qeyd etdiyi bütün irəliləyişlərə tərəfdar olduğumuzu bildirir, onu dəstəkləyir və büdcənin icrasını təsdiq etməyi millət vəkillərindən xahiş edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Həyata keçirilən uğurlu iqtisadi, maliyyə, vergi, gömrük və neft siyasəti müsbət nəticələrini vermiş, ölkənin iqtisadi inkişafı dinamik xarakter almış və büdcəyə daxilolmalar nəzərdə tutulduğundan xeyli artıq olmuşdur. Büdcə vəsaitinin xərclənmə təsnifatından göründüyü kimi, ötən il ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, həmçinin regionların, qeyri-neft sektorunun inkişafı, qaçqın və məcburi köçkünlərin sosial-məişət və yaşayış şəraitinin yaxşılaşdırılması, eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanmışdır. Təhsil, səhiyyə ocaqlarının tikintisi, yolların bərpası, nəqliyyat infrastrukturunun yenidən qurulması intensiv xarakter almışdır. Bir sözlə, əvvəlki illərdən başlayan müsbət meyllər 2006-cı ildə də davam etdirilmiş, 2007-ci il üçün ciddi maliyyə və iqtisadi baza yaradılmışdır.
Hesabatdan göründüyü kimi, ölkənin maliyyə imkanlarının artması diqqəti cəlb edən ən mühüm və vacib məsələlərdən biridir. Bu da bir sıra vacib investisiya layihələrinin büdcə hesabına maliyyələşdirilməsini təmin etmişdir. İndi artıq həmin investisiya layihələri xarici kapitalın hesabına deyil, ölkənin öz imkanları hesabına həyata keçirilir. Yaxşı haldır ki, 2006-cı ildə həmin vəsait 879,6 milyon manat olduğu halda, indi büdcə dəqiqləşdirmələrindən sonra onun həcminin 1,9 milyard manata çatdırılması gözlənilir. Bütün bunlar fərəhlidir, yaxşıdır və bu bir daha ölkə Prezidentinin həyata keçirdiyi iqtisadi siyasətin davamlı olduğunu sübut edir. İqtisadi və sosial sahədə aparılan islahatlar bir daha göstərir ki, ölkə, doğrudan da, dinamik inkişaf yolundadır. Bütün bunlar Azərbaycanı regionda lider dövlətə çevirmiş və onun inkişafını təmin etmişdir. Əminliklə demək olar ki, başlanmış olan bu siyasət yaxın gələcəkdə Azərbaycanı daha da inkişaf etdirəcək, onun problemlərinin həllində çox mühüm addımların atılmasını təmin edəcəkdir.
Mən bəzi məqamları da diqqətinizə çatdırmaq istəyirəm. Əldə olunan əlavə vəsaitin müəllimlərin, həkimlərin, elmi işçilərin, Müdafiə Nazirliyinin və sərhəd qoşunları sistemində xidmət edən zabitlərin əmək haqqının artırılmasına yönəldilməsinin tərəfdarıyam. Hökumətin hesabatı ərəfəsində mən hörmətli Baş nazirimiz Artur Rasizadə ilə görüşdüm və ondan öncə təhsil naziri Misir Mərdanovla Salyandakı məktəblərin təmiri və tikintisi ilə bağlı müzakirə apardıq. Bəlli oldu ki, bu il Salyanda məktəblərin tikintisi və bərpası işi vəsaitin olmaması ucbatından əvvəlki illərə nisbətən ləng aparılacaq. Ümumi müzakirələrdən sonra Artur Rasizadə tərəfindən deyildi ki, büdcə dəqiqləşdirmələrində bu, nəzərə alına bilər. Ona görə də hörmətli maliyyə nazirindən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın və Salyanda çox bərbad vəziyyətdə olan bir çox məktəblərin bərpası üçün vəsaitin ayrılmasına yardım etsin. Mən təqdim olunan layihələri müsbət qiymətləndirirəm və ona öz müsbət münasibətimi bildirəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İqtisadi siyasət daimi komissiyasının iclasında 2006-cı ilin dövlət büdcəsinin icrası çox ciddi müzakirələrdən keçmiş və onun müsbət tərəfləri qeyd edilməklə bir sıra təkliflər və iradlar söylənilmişdir. Mən onların bir neçəsinin üzərində dayanmaq istəyirəm.
2006-cı ilin dövlət büdcəsini biz təsdiq edəndə 188 milyon manat kəsirlə təsdiq etmişdik. Amma faktiki olaraq, büdcənin icrasında 78,7 milyon manat profisit olmuşdur. Ümumi məbləği götürəndə 266 milyon manat fərq yaranmışdır. Bu fərqin yaranmasına səbəb nədir? Ümumiyyətlə, hökumətin apardığı proqnozların hesablanma mexanizminə çox diqqətlə yanaşmaq lazımdır. Büdcənin gəlir hissəsinə baxsaq fikir verərik ki, hüquqi şəxslərdən tutulan mənfəət vergisi 114 faiz yerinə yetirilsə də, əlavə dəyər vergisi ilbəil 93-96 faiz arasında, digər gəlirlər üzrə xərclər 49 faiz, kənar daxilolmalar isə 71-75 faiz arasında dəyişir. Eyni zamanda, əhalinin aztəminatlı hissəsinin diqqət mərkəzində olan bəzi maddələr üzrə xərclər, faktiki olaraq, yerinə yetirilməmişdir.
Bayaq göstərildi. Hörmətli Ziyad müəllim də öz çıxışında qeyd etdi. Bunlar vakant vəzifələrdir. Niyə icra orqanlarında vakant vəzifələr üzrə xərclər yerinə yetirilmir? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iş yerlərinin təmin edilməsi ilə əlaqədar həmişə göstərişlər verir. Lakin icra orqanlarında vakant vəzifələr saxlanılır, xərc hissəsi yerinə yetirilmir. Məktəbəqədər müəssisələr də həmin vəziyyətdədir. Əmanətlərin indeksasiyası ilə əlaqədar 2006-cı ildə 50 min Azərbaycan manatı nəzərdə tutulmasına baxmayaraq, faktiki olaraq, bu yerinə yetirilməmişdir. Bu yaxınlarda biz 2007-ci ilin dürüstləşdirilmiş dövlət büdcəsini müzakirə edəndə təklif verdik ki, bu əmanətlər daxili borca daxil edilsin və qanun layihəsi Milli Məclisə təqdim edilsin.
Ümumiyyətlə, hesab edirəm ki, profisitin yaranmasında əsas məqsəd ölkədə gedən inflyasiyaya müəyyən qədər təsir etmək və inflyasiyanın qarşısını almaqdan ibarət olmuşdur. Bir sıra digər amillər də büdcəyə öz mənfi təsirini göstərmişdir. Fikir verirsinizsə, Azərbaycanda 2006-cı ilin dövlət büdcəsinin əsasını neft sektorundan gələn büdcə gəlirləri təşkil edir. Yəni büdcənin gəlir hissəsinin 58,4 faizini neftdən gələn gəlir təşkil edir. Yəni 32 milyon tona yaxın xam neft ixrac olunmuşdur. Bir neçə dəfə bu barədə müəyyən göstərişlər verilməsinə baxmayaraq, 2006-cı ildə qeyri-neft sektorunun büdcəyə təsirini, yəni artım tempinin aşağı olmasını hiss edirik. Faktiki olaraq, sənaye inkişaf edirsə, sənayenin də əsas hissəsini neft təşkil edir. Hətta kənd təsərrüfatında ümumi daxili məhsula nisbətən onun xüsusi çəkisi 2005-ci ildə 9,2 faiz olmuşdusa, 2006-cı ildə bu rəqəm 7,1 faizə düşmüşdür.
İnvestisiya ilə əlaqədar məsələlər də bizi narahat edir. 2005-ci illə müqayisədə 2006-cı ildə xarici investisiyalar daxili investisiyalara nisbətən artmışdır. Xarici investisiyalar 54 faiz, daxili investisiyalar isə 46 faiz təşkil etmişdir. Elə etmək lazımdır ki, yavaş-yavaş daxili investisiyalar xarici investisiyaları üstələsin. Buna nail olmaq lazımdır. Bir neçə dəfə bu məsələ Milli Məclis tərəfindən qaldırılmışdır. Azərbaycanın dövlət büdcəsində investisiyalar əvvəllər 300-400 milyon dollar idisə, indi 2 milyard dollara yaxındır.
Biz nəzarət mexanizminin düzgün qurulmamasını bir neçə dəfə qeyd etmişik. Nəzarət haqqında qanun layihəsinin Milli Məclisə təqdim edilməsi barədə rəsmi olaraq müraciət etmişik. Çox təəssüflər olsun ki, bizə verilən məlumata görə hazırda bu layihə üzərində müəyyən iş getsə də, bu günə qədər həmin layihə Milli Məclisin müzakirəsinə təqdim edilməmişdir. Ümumi götürəndə Azərbaycan dövlətinin iqtisadiyyatında müəyyən irəliləyişlər var və 2006-cı ilin dövlət büdcəsində də müəyyən nöqsanlar olmaqla yanaşı, müəyyən müsbət addımlar da var.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş qonaqlar! Bu gün burada Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu məsələ çox ciddi prosesləri əhatə edir və 2006-cı ildə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri aydın şəkildə göstərir. Büdcədəki vəsait, əsasən, ölkənin sosial-iqtisadi sahələrinə sərf edilib. Büdcə xərclərində və gəlirlərində xeyli uğurlar əldə olunub. Ölkəmiz üçün beynəlxalq əhəmiyyətli layihələrin icrası ilə bağlı böyük işlər görülüb.
Sevindirici haldır ki, 2006-cı ildə ölkədə ümumi daxili məhsulun həcmi rekord səviyyədə – 34,5 faiz olmuş, əhalinin pul gəlirləri 23,4 faiz, banklardakı əmanətlər 65,7 faiz, investisiya qoyuluşu 14,8 faiz, ölkənin valyuta ehtiyatları 60 faiz, xarici ticarət dövriyyəsi isə 36 faiz artmışdır. 2005-ci ildə adambaşına düşən gəlir 1488 manat idisə, ötən il bu rəqəm 2078 manat olmuşdur. 2006-cı ildə ölkədə orta aylıq əmək haqqı 19,8 faiz artmışdır. Bu, əhalinin rifahının günbəgün yaxşılaşmasından xəbər verir.
Ötən il dövlət büdcəsinin əsas hissəsi əmək haqlarının, pensiyanın ödənilməsinə, ölkə həyatında mühüm rol oynayan iri layihələrin maliyyələşdirilməsinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə, tikinti, abadlıq işlərinin aparılmasına və digər sahələrə yönəldilmişdir. 2006-cı ildə dövlət büdcəsinin mədaxili təsdiq edilmiş, 3 milyard 837 milyon manat proqnoza qarşı 3 milyard 869 milyon manat olmuşdur. Bu da 2005-ci ilə nisbətən 1,8 milyard manat, yəni 88,2 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 4 milyard 25 milyon manat proqnoza qarşı 3 milyard 790 milyon manat olub. 2005-ci ilə nisbətən ötən il sənaye və tikinti, müdafiə, səhiyyə, təhsil, meşə təsərrüfatı, hüquq mühafizə, mədəniyyət sahələrinə xərclənən vəsait artmışdır. 2006-cı ildə əhalinin sosial müdafiəsinin, xüsusi ilə əhalinin aztəminatlı hissəsinin maddi rifahının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Dövlət büdcəsi xərclərinin 36,6 faizi və ya 1 milyard 388 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu da 2005-ci illə müqayisədə 64 faiz çoxdur.
Dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsaitinin idarəetməyə verilməsini, xarici valyutadan daxil olan hissəsinin konvertasiya edilmədən istifadə olunmasını, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsini yüksək qiymətləndirirəm. Təqdirəlayiq haldır ki, hesabat ilində dövlət büdcəsinin və icmal büdcənin tərtibi zamanı orta müddətli büdcə-vergi siyasətinin strateji ölçüləri və istiqamətləri üzrə əlverişli göstəricilərin müəyyənləşdirilməsi islahatların və proqramların uğurla həyata keçirilməsini təmin edir.
Hörmətli deputatlar! Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə ətraflı tanış olmuşam və onun qəbul edilməsinə səs verəcəyəm. Sizi də qanun layihəsinin qəbul edilməsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Zahid Oruc, buyurun.
Z. Orucov. Hörmətli Sədr, hörmətli hökumət və Milli Məclis üzvləri! Əslində, bu gün mahiyyət etibarı ilə hökumətin 2006-cı ildə fəaliyyətini başqa bir formada qiymətləndiririk. Şübhəsiz ki, burada əsas sayılan məqamlar büdcənin gəlir və xərclərinin icra olunması ilə əlaqədardır.
Mən hesab edirəm ki, əgər biz Əmək Məcəlləsinə bir müddət öncə səhv düşüncə ilə düzəlişlər etməsəydik, bizim büdcəmiz daha çox olardı. Bilirik ki, bu yöndə qanunvericilik ilk dəfə Rusiyada qəbul edilmişdi. Səhv düşüncəni bizə də gətirdilər və hökumət həmin iş günlərinin, əslində, sayının azaldılması ilə bağlı qərarı qüvvəyə mindirdi. Beləliklə, nə baş verir? Biz Yeni ildə təxminən 8 günə yaxın, Novruz bayramında da təxminən o qədər istirahət edirik. Digər bayram günlərinin və ümummilli hüzn günlərinin sayı ildə 22-23 günə çatır. Yəni bir ayda olan bazar günlərinin sayını və bəzi yerlərdə iş günlərinin sayının 5 gün olduğunu nəzərə alsaq, il ərzində biz təxminən 70 gün evdə qalmaqla bayram edirik. Bayramın evdəqalma variantı yalnız bizim düşüncəmizdə oturuşub. Əslində, biz bir tərəfdən milli bayram günlərini iş günü kimi qeyd edirik. Mən xahiş edirəm, hörmətli maliyyə naziri və iqtisadi inkişaf naziri bununla bağlı hökumət rəhbərliyinə məruzə etsin və bununla bağlı vəziyyət dəyişdirilsin.
Azərbaycan büdcəsinin üçdə iki hissəsinin toplanmasında vergi orqanları çox böyük fədakarlıq göstərirlər. Yəni bir daha təkrar edirəm ki, ölkədə bir iş gününün olmaması dövlətə milyonlarla dollara başa gəlir. Əslində, hökumətin fəaliyyətinin qiymətləndirilməsi bir neçə prinsip üzrə aparıla bilər. Onlardan birincisi, siyasətdə ardıcıllıq; ikincisi, iqtisadi əsaslandırma; üçüncüsü, islahatların zaman intervalları üzrə uyğunlaşdırılması, operativlik, komandanlıq və digər meyarlar ola bilər. Mən bunun ikisinin üzərində dayana bilərəm.
Siyasətdə ardıcıllıq. 2006-cı ildə biz enerji daşıyıcılarından birinin, yəni dizel yanacağının qiymətinin artırılması ilə bağlı qərar qəbul etdik. Təbii ki, bu, Tarif Şurası tərəfindən edildi. O da bununla əsaslandırılırdı ki, nəqliyyatda iki yanacaq növü arasında bərabər rəqabət mühiti yaradaq, ölkədən kənara qeyri-qanuni çıxarılmasının qarşısını alaq və sair. Amma 2007-ci ildə növbəti dəyişikliyə keçərkən təzədən səhv yanaşma oldu və bununla da siyasətdə ardıcıllıq prinsipini pozduq. Mən hesab edirəm ki, zamana uyğunluq məsələsi də önəm daşıyır.
Adətən, hər bir iqtidar seçkiləri udduqdan sonra öncə islahatların radikal hissəsinə keçid eləyir. Yəni Prezident seçkilərinin yaxınlaşdığı dövrdə əgər belə demək mümkündürsə, sərt islahatlardan yan keçilir. Amma biz 2006-cı ildə görməli olduğumuz bir çox işləri 2007-ci ildə görürük. Məsələn, hərbi qanunvericiliyi sərtləşdirərək möhlət hüququ daşıyanların sırasını azaldırıq, yeni tarif qərarlarına baxırıq və sair. Bu mənada hökumətin, xüsusi ilə İqtisadi İnkişaf Nazirliyinin borcu idi ki, bu islahatları 5 illik zaman dövrünə uyğunlaşdırsın. Seçki dövründə ayrı-ayrı qüvvələrin əlinə manipulyasiya predmeti verməmək üçün, mənə elə gəlir ki, bu məsələ hər zaman diqqətdə saxlanmalıdır.
Cənab Sədr, mühüm məsələlərdən biri də ölkənin beynəlxalq aləmdə iqtisadi cəhətdən qiymətləndirilməsi ilə bağlı verilən indekslərdir. Azərbaycanı bir sıra hallarda məqsədyönlü və qərəzli şəkildə iqtisadi azadlıq indeksinə görə Ermənistandan geri qoymaq cəhdi var. Bizə məlumdur ki, bu hansı maraqlardan irəli gəlir. Amma bir məqamı qeyd eləmək istəyirəm.
Əslində, hər bir ölkənin iqtisadiyyatının azadlığı vergi orqanları ilə iqtisadi subyektlərin münasibətlərinə əsaslanır. Bu mənada Azərbaycanın vergi orqanları və subyektləri arasında münasibətlər normaldır. Amma digər strukturların fəaliyyəti ucbatından bir sıra hallarda burada nöqsanlar baş verir. Cənab Prezidentin son dövrlər qəbul etdiyi fərmanlardan biri də bürokratik əngəllərin azaldılması istiqamətində addımlar atması ilə bağlıdır. Vaxtım qurtarır. Mən buna səs verəcəyəm.
Sədrlik edən. Çox sağ ol, Zahid müəllim. Amma vaxtı ilə Yeni illə, milli bayramlarla əlaqədar qərar qəbul eləyəndə Siz onun lehinə səs vermisiniz. Özü də heç vaxt bu məsələləri Rusiya ilə əlaqələndirmək lazım deyil. Türkiyədə də belə bayramlar var. Dünyanın bütün ölkələrində də işləyirlər, amma dincəlməyi də bacarırlar. Bu qərarı nə İqtisadi İnkişaf Nazirliyi qəbul eləyib, nə də Maliyyə Nazirliyi. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli millət vəkilləri, hökumət nümayəndələri! Mən də bizə təqdim olunan qanun layihəsini çox diqqətlə oxudum və əvvəlki dönəmlərdə olduğu kimi, bu tipli hesabatlarda rəqəmlər, doğrudan da, müsbət emosiya yaradır. Amma çox təəssüf ki, bu rəqəmlərin heç biri real həyatımızla uzlaşmır.
Təqdim olunan layihədə səhiyyə işçilərinin, müəllimlərin əmək haqlarının qaldırılması hökumətin uğuru kimi təqdim olunur. Bildirilir ki, səhiyyə işçilərinin əmək haqqı 30 faiz, müəllimlərin əmək haqqı 25 faiz, digər kateqoriyadan olanların isə əmək haqqı 1-2 dəfə qaldırılıb. Amma hörmətli Nazirlər Kabineti hesablamır ki, maaşları 30-25 faiz qaldıran hökumət təkcə bu il qiymətləri nə qədər qaldırıb? Təkcə enerji daşıyıcılarının qiymətləri neçə dəfə qaldırılıb? Marşrutda gediş haqqı neçə dəfə qaldırılıb? İnflyasiyanın həddi nə qədərdir? Maaşı 25 faiz artan müəllim necə yaşaya bilər, bu maaşla ailəsini necə dolandıra bilər? Səhiyyə işçisi ailəsini necə dolandıra bilər? Çox təəssüf ki, bunun səbəbləri burada göstərilmir. Dövlət büdcəsindən əmək haqqı alan işçilərin maaşları inflyasiyaya, qiymət artımına uyğunlaşdırılmır. Bütün bunların fonunda da ölkədə sosial-iqtisadi siyasətdən ciddi narazılıq hökm sürür.
Burada dəfələrlə regionlarda baş verən hadisələrlə bağlı məsələ qaldırmışıq. Amma təəssüf edirəm ki, hökumətin bu gün təqdim etdiyi layihədə də bunların heç birinə ciddi yanaşılmayıb. Burada tikintiyə ayrılan vəsaitlə bağlı, habelə ölkədə yenidənqurma işlərinin getməsi ilə bağlı kifayət qədər rəqəmlər sadalanıb.
Mən sadə bir misal çəkəcəyəm. 2003-cü ildə Dövlət Filarmoniyasının bərpası üçün 27 milyon dollara yaxın vəsait ayrılmışdı. Bu gün filarmoniyanın yanından keçən hər bir adam onun yenidən mühasirəyə alındığının və tikinti işlərinin getdiyinin fərqindədir. Nə baş verir? 3 il öncə bərpasına 27 milyon vəsait qoyulan Dövlət Filarmoniyası nə tez təmirə ehtiyac duydu? Niyə bunun hesabatını soran yoxdur? Ölkədə nə baş verir? Bu pulları kim havaya sovurur? Nədən bu pulların hesabatı Milli Məclisdə verilmir? Bakı şəhərinin görməli yerlərində 1 milyon dollara saat quraşdırılır. Bu saat kimə lazımdır? Hökumət 12 milyon dollar vəsait ayırmalıdır ki, həmin saat quraşdırılsın?
Burada qeyd olunur ki, qaçqınların çörək pulu 50 faiz artırılıb. Rəqəm etibarı ilə ciddi səslənir. Amma fərqindəsinizmi ki, 50 faizə heç bir kiloqram ət də almaq mümkün deyil? Həmin qaçqınların böyük əksəriyyəti işləmir. Əksəriyyəti çadır şəhərciyindən köçürülüb. Yeni infrastrukturlara gətirilən insanların burada iş yeri yoxdur. Onlar gözlərini verilən əlavə yardımlara dikiblər. 50 faizlik artım 1 kiloqram ət eləmirsə, necə yaşamalıdır? Orada infrastruktur yox, istehsal sahələri yox, iqtisadi strukturlar bərpa olunmayıb. Nəyin hesabına yaşamalıdır? Bu insanlar neçə kilometr məsafə qət eləməlidir ki, haradasa işləsin.
Bu gün iş yerinin uzaq olması ucbatından aldığı əmək haqqını həmin yola xərcləyir. Ona görə də bu sahədə ciddi problemin olduğunu hökumət nəzərə almalı idi. Hökumət inflyasiyanın ikirəqəmli, yəni 17 faizə yaxın olduğunun da fərqinə varmalı idi. Millət vəkillərinə də bununla bağlı məlumat verməli idi.
Digər tərəfdən, əmanətlərin qaytarılması ilə bağlı neçə illərdir ki, proses danışıqlar səviyyəsində gedir. Çox təəssüflər olsun ki, büdcənin artmasını iddia eləyən hökumət əmanətçilərə olan borcların qaytarılması istiqamətində hər hansı bir yeni xətt ortaya qoymur. Mən hesab edirəm ki, hökumət təqdim etdiyi layihələrdə bütün bunları ciddi şəkildə nəzərə almalı idi.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, xanımlar və cənablar! 2006-cı ilin müzakirə olunan büdcəsi bir sıra cəhətlərinə görə əvvəlki büdcələrdən fərqlənir. İlk növbədə qeyd eləmək lazımdır ki, ümumi daxili məhsulun 34,5 faiz artımı fonunda büdcə gəlirlərinin 88 faiz, xərclərinin isə 78 faiz artması bu ümumi daxili məhsula nisbətən büdcənin gəlir və xərclərinin müvafiq olaraq 2,2 və 2,5 dəfə sürətlə artması deməkdir. Təbii ki, əlaqədar təşkilatlar həm büdcə planlaşmasında, həm də onun icrasında bu cür yüksək templərə uyğun surətdə icranın həyata keçirilməsinə diqqəti artırmalı idi.
Məndən əvvəl çıxış eləyənlər, eyni zamanda, İqtisadi siyasət daimi komissiyasının sədri komissiyada olan müzakirələrin məzmunu barəsində məlumat verdilər. Mən də tezis formasında bəzi məqamları nəzərə çatdırmaq istərdim. Təbii ki, gəlirlərin 101 faiz yerinə yetirilməsi müsbət haldır. Amma xroniki olaraq, əlavə dəyər vergisinin yenə də 96 faiz, dövlət rüsumunun 9 faiz, xüsusən digər gəlirlərin 56 faiz yerinə yetirilməsini müsbət qiymətləndirirəm. Eyni zamanda, keçən ilki çıxışlarda göstərildiyi kimi, əlavə dəyər vergisinə dair rəqəmlərin statistik təhlili göstərir ki, bu barədə borclar təxminən 47-48 faiz arasındadır. Biz də təklif vermişdik ki, həm faizlərin aşağı salınması, həm də inzibati tədbirlərin keçirilməsi istiqamətində işlər görülsün. Ona görə də mən təklif edirəm ki, əlavə dəyər vergisinin 18 faizdən 15 faizə endirilməsi və büdcə inzibatçılığının artırılması istiqamətində tədbirlər görülsün. Üstəlik neft gəlirlərinin, neftin qiymətinin büdcədə nəzərdə tutulan proqnozlardan fərqlənməsini, necə dinamika etdiyini də arayışda qeyd etmək lazımdır. Ona görə bu sahədə çox sistemli bir arayışın verilməsinə ehtiyac duyuram və bu çox vacibdir.
Bundan əvvəlki ildə xərclər hissəsinin də icrasının minimuma endirilməsini, yəni 2,8 faizə endirilməsini mən müsbət qiymətləndirmişdim. İndi isə yenə də xərclərin 6 faizə qədər kəsirlə icra olunmasını mənfi qiymətləndirirəm. Ona görə ki, xərclərin aşağı səviyyədə icra olunması bir sıra problemlər yaradır. O cümlədən qeyd eləmək lazımdır ki, əgər Azərbaycanda müəllimlərin, həkimlərin, mədəniyyət sahəsində, elm sahəsində çalışanların maaşları orta əmək haqqının 50, 60, 70 faizi həcmindədirsə, onda niyə büdcənin xərcləri kəsirlə yerinə yetirilir? Bu, başa düşülən deyil. Deməli, burada planlaşma sahəsində, yaxud icra sahəsində ciddi çatışmazlıqlar var.
Hesablama Palatasının sədrinin çıxışında qeyd olunsa da, bir məqamı qeyd eləmək istəyirəm. Ümumiyyətlə, gələcəkdə Hesablama Palatası büdcə sahəsində olan çatışmazlıqların, daha sanballı, daha irimiqyaslı məqamların ortaya qoyulması istiqamətində işlər görməlidir. Eyni zamanda, həm dövlət müəssisələrində, həm də özəl müəssisələrdə ən intizamlı vergi ödəyicilərinin və əksinə, vergini yerinə yetirməyənlərin adları sadalanmalıdır ki, bu, bir balaca təsir göstərsin, həmin vergilər ödənilsin. Faktiki surətdə ödənilən vergilərlə ödənilməyən vergilərin arasında o qədər də fərq yoxdur, 50-nin 50-yə nisbətdədir.
Mühüm hesab elədiyim növbəti məsələ büdcənin kəsiri ilə bağlıdır. Əslində, bu, profisitli büdcə deyil, profisitli büdcənin təqlididir. Əgər doğrudan da, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı yaşayış minimumu səviyyəsindədirsə, onda profisitli büdcə nəyə lazımdır? İkincisi, Rusiya profisitli büdcədən imtina edirsə, niyə Azərbaycan bu öhdəliyi özündə saxlayır? Heç bir əsası olmayan bir proses gedir ki, bu da qiymətli kağızlar bazarının inkişafına, digər məqamlara ciddi təsir göstərir.
Axırıncı məqam ondan ibarətdir ki, büdcə ilə bağlı bir sıra qanunvericilik sənədləri, o cümlədən Büdcə Məcəlləsi, Maliyyə nəzarəti haqqında qanun qəbul edilməli, dövlət borcuna isə indiyədək qaytarılmayan əmanətlər daxil edilməlidir.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Əvvəla, mən hesab edirəm ki, dövlət büdcəsinə nəzarət barədə Konstitusiyanın Milli Məclisə verdiyi səlahiyyətlərdən tam istifadə olunmur. Ən azı, bugünkü müzakirələrin bu şəkildə aparılması buna nümunədir. Ümumiyyətlə, “Büdcə sistemi haqqında” Qanunun 22-ci maddəsinə görə, hər rübdə dövlət büdcəsinin icrası barədə Milli Məclisə hesabat təqdim olunmalıdır. Üstəlik 25-ci maddədə də göstərilir ki, dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair Hesablama Palatası rəy verməlidir. Əgər biz qanunu düzgün şərh ediriksə, bu barədə rəy və qanun layihələri də təqdim olunmalıdır. Amma hər il formal olaraq, belə bir müzakirə olur. Bu gün də həmin formal müzakirələrdən biridir.
Konkret olaraq, Qanun özü mükəmməl olmadığına görə (mən “2006-cı il dövlət büdcəsi haqqında” Qanunu nəzərdə tuturam və onun qeyri-mükəmməlliyinin də ən əsas səbəbi onun şəffaf olmamasıdır.) bu hesabat da mükəmməl ola bilməz və həmin qeyri-şəffaflığın davam etdirilməsinə, ört- basdır edilməsinə xidmət edir. Bütün cəmiyyət, o cümlədən Milli Məclisin deputatları dövlət büdcəsinin xərc hissəsində əsaslı vəsait qoyuluşuna və investisiyaya çəkilən xərclərin şəffaf olmasının açıqlanmasını, konkret ünvan və nəticələrin rüblər üzrə göstərilməsini tələb edirik. Lakin bu vaxta qədər nə həmin sənədin ümumillik layihəsi təqdim olunur, nə də layihədə bu məsələlər sistemli şəkildə öz əksini tapmışdır.
İkincisi, nəticə baxımından diqqət eləsək, bu məqamlar dərhal aşkara çıxır. Məsələn, sənayeyə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu sıfırdır. Amma burada sənaye məhsulu 50 faiz artmışdır. Bu müddət ərzində ən böyük yüksəliş də sənayedə baş vermişdir. Amma kənd təsərrüfatına 124 milyon vəsait qoyulub, lakin kənd təsərrüfatının geriləməsi davam eləyir. Bu il pambıq əkini 3 dəfə, tütünün əkin sahəsi iki dəfədən çox azalıb. Açığını deyim ki, saxta statistik rəqəmlərlə guya böyük vəsait qoyuluşuna baxmayaraq, kənd təsərrüfatı geriyə doğru gedir.
Kür çayının meliorasiya və bəndatma işlərini bərkitməyə böyük vəsait ayrılır. Amma hazırda Kürün kənarında yerləşən bütün rayonlarda olduqca təhlükəli vəziyyət yaranmışdır. Hətta çar hakimiyyəti dövründə bu cür vəziyyət yarananda sifonlar təşkil edilirdi. Amma indi bunlar ya yeyilib, ya da təşkil olunmayıb. Əhali içməli su və əkin suyu sarıdan əziyyət çəkməkdə davam edir.
Biz eşitdik ki, Təhsil haqqında qanun yenə təxirə salındı. Bu, layihənin nöqsanlı olması ilə izah olundu. Hamımız bilirik ki, həmin layihənin həyata keçirilməsinə Maliyyə Nazirliyi və digər nazirliklər maneçilik törədirlər. Guya bu qanun layihəsi böyük xərc tələb edir. Diqqət etsək görərik ki, keçən ilin büdcəsində yumşaq mebel və avadanlığın alınmasına 12 dəfədən çox vəsait ayrılmasına baxmayaraq, təhsil sahəsində cəmi ikirəqəmli artım müşahidə edirik.
Hörmətli Milli Məclis üzvləri, millət vəkilləri! Təkrar edirəm, ədalətli, hətta müxalifətçi yox, qərəzsiz və obyektiv baxış göstərir ki, bir qayda olaraq, daha çox büdcə xərcləri korrupsiya tutumlu sahələrdə üç-dörd dəfə artıb. Məsələn, təmir və tikinti sahəsinə vəsaitlərin yönəldilməsi kimi hallar göz qabağındadır. Mən hesab edirəm ki, bu məsələlərə ciddi qayda gətirilməlidir. Hörmətli sədr, bu baxımdan mən istərdim ki, bu məsələnin müzakirəsi davam etdirilsin. Növbəti iki məsələnin müzakirəsi növbəti iclasa təyin edilsin. Bundan sonra biz xahiş edirdik ki, bu məsələlər barədə Azərbaycan müxalifətinin nümayəndələrinə, konkret olaraq, Müsavat deputat qrupuna məruzə üçün vaxt ayrılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Pənah bəy, birincisi, bu, Milli Məclisdir. Müsavat Partiyasının məclisi deyil. İkincisi, Siz danışanda ədalətdən danışırsınız. Amma Sizin Təhsil qanunu haqqında söylədiyiniz fikirlər ədalətsiz fikirlərdir. Nə maliyyə naziri, nə də maliyyə orqanları buna təsir edib. Dünən Təhsil qanununun layihəsinin müzakirəsində 97 nəfər iştirak edirdi. Onların 40-dan çoxu millət vəkili idi. Gələrdiniz, iştirak edərdiniz. Çox adam heç dəvət olunmamışdı, amma gəlmişdi. Dediyim odur ki, sözdən söz çıxarmayaq.
İndiyə qədər Təhsil qanununun Milli Məclisin müzakirəsinə çıxarılmamasının səbəbi yenə də özümüzdədir. Çünki bu qanunu axıra qədər təkmilləşdirə bilməmişik. İllərlə bu qanun qəbul edilməmişdir. Bizim istəyimiz odur ki, qəbul olunan qanun, həqiqətən də, təkmil bir qanun olsun. Mən Sizi əmin edirəm ki, belə də olacaq.
O ki qaldı iclasın keçirilməsinə, mən əvvəldən təklif etmişdim ki, iclas bu gün keçirilsin. Siz bəyəm büdcə təşkil etmisiniz? Keçən il heç büdcənin müzakirəsində iştirak etməmisiniz. İndi məruzəçi olmaq istəyirsiniz. Mən hesab edirəm ki, bu, düzgün deyil. Arzu Səmədov, buyurun.
A. Səmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, keçən il deyirdiniz ki, alternativ çıxış edərsiniz. Qoymadınız, çıxışları 5 dəqiqəyə endirdiniz. Biz də ona etiraz etdik və buranı tərk etdik.
Sədrlik edən. Xahiş edirəm, mübahisə açmayaq. Keçən dəfə dedik ki, 15 dəqiqə çıxış edin. Bu, millət vəkillərinin təklifi idi.
A. Səmədov. Mən də bəzi şeyləri yada salmaq istəyirəm. Parlamentin iclasında hörmətli Baş nazir və digər hökumət üzvləri çıxış edib deyəndə ki, ölkədə inflyasiya bir hədlidir, biz çıxışımızda dedik ki, yox, bu, iki rəqəmlidir və 17-18 faiz arasındadır. Aradan 1-2 ay keçəndən sonra hörmətli hökumət üzvləri bizim dediklərimizi etiraf etməyə məcbur oldular. Yaxşı olardı ki, deyilən tənqiddən nəticə çıxarılsın, bu sənədlərin doğru-dürüst müzakirəsi aparılsın.
Parlamentin müzakirəsinə təqdim olunan 2006-cı ilin dövlət büdcəsinin hesabatı ilə tanış olan hər bir kəs Azərbaycan iqtisadiyyatının neftdən asılılığını görə bilər. Əvvəla, hökumətin büdcə xərclərinə olan əsas tələbləri dörd amillə müəyyən olunur. Mənim fikrimcə, bunlar səmərəlilik, cavabdehlik, şəffaflıq və hesabatlılıqdır. Bu hesabatda həmin amillərin heç birinə doğru-dürüst əməl olunmayıb. Hökumət büdcəni investisiya və sosialyönümlü adlandırır. Amma hesabatı oxuyanda görürük ki, hazırkı büdcə tikinti və məmuryönümlü büdcədir.
2005-ci illə müqayisədə təhsil və səhiyyə xərclərinin, sosial müdafiə xərclərinin büdcədə xüsusi çəkisi 36,2 faizdən 25,9 faizə enmişdir. Müqayisə üçün keçmiş postsovet ölkələrinin birini götürək. Çünki Avropa ölkələri ilə müqayisə edəndə hökumət üzvlərinin acığı tutur. Məsələn, qonşu ölkə olan Qazaxıstanı götürək. Bu ölkədə büdcə xərclərinin 45,2 faizi üç vacib sahəyə (təhsilə 15 faiz, sosial müdafiəyə 19,6 faiz, səhiyyəyə 10 faiz) yönəldilib.
Hesablama Palatasının son hesabatına baxanda da görünür ki, üzərində parlament nəzarəti hiss eləməyən hökumət büdcə vəsaitlərini, bir qayda olaraq, korrupsiya xərclərinə yönəldir. Pənah bəy bu sahələrin birini dedi. Təbii ki, bu da narahatçılıq yaratmaya bilməz. Hesablama Palatasının məlumatına görə 2006-cı il ərzində 4,75 milyard manat vergi hesablansa da, büdcəyə cəmi 2,7 milyard manat vergi ödənilib. Öz növbəsində 2006-cı il yanvarın 1-nə əvvəlki illərin vergi ödəyicilərinin borcları hesabına 2,04 milyard manat vergi borcu yaranıb. Yəni ötən il üzrə 6,8 milyard manat vergi öhdəliyi əvəzinə büdcəyə cəmi 2,7 milyard manat vəsait daxil olub. Vur-tut büdcə vəsaitinin 40 faizi.
Hesablama Palatasının məlumatına görə ən intizamsız vergi ödəyicisi iri dövlət şirkətləridir. “Azərikimya” dövlət büdcəsinə ödəməli olduğu verginin cəmi 6,5 faizini, “Azərsu” 12,3 faizini, “Azal” 18,1 faizini, Dövlət Xəzər Dəniz Gəmiçiliyi 18,6 faizini, Dövlət Dəmir Yolu 38,5 faizini, Dövlət Neft Şirkəti 45,1 faizini ödəyib. Vergilər Nazirliyi hara baxır? Amma baxın, görün, hökumətimizin ürəyi necə geniş və səxavətlidir ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin vergi ödənişləri son 3 ildə 3 dəfə azalıb. Ancaq hökumət bu quruma 15 milyon dollara yaxın vəsait verib. Bu isə onun büdcəyə ödədiyindən 7 dəfə çoxdur.
Regionların sosial-iqtisadi inkişafı, 550 min yeni iş yerinin açılması, sahibkarlığın inkişafı haqqında sovetlər dövründən qalma populist şüarlarınızla bizim faktlara əsaslanan təhlillərimiz ziddiyyət təşkil edir. Ötən il büdcə gəlirlərinin 93,3 faizi Bakıda formalaşıb. Sanki iri rayon mərkəzləri, şəhərlər, qəsəbələr heç bir iş görməyib. Axı, potensialına görə rayonlar heç də geri qalmır. Yeri gəlmişkən, son 4 ildə ölkədə hökumətin sevimli göstəricisi olan ümumi daxili məhsulla müqayisədə qiymətlər təxminən 2,5 dəfə, yəni 10 milyard manat artaraq 7,5 milyarddan 17,5 milyard manata çatıb. Bu artımın 75 faizi neft sektorunun payına düşür. Aydın olur ki, hökumətin ümumi daxili məhsulun göstəricilərini şişirtməsi fonunda belə bu sektor üzrə orta illik artım 5-6 faiz təşkil edir. Çox təəssüf ki, vaxt azdır.
Bir sıra təkliflərim və suallarım var. Həll olunmamış problemlər var. Bu problemlərin həlli üçün dövlətin investisiya fəaliyyəti qanunvericiliklə tənzimlənməlidir. Dövlət və dövlət müəssisələri arasında münasibətlərin qanunvericilik bazası işlənməyib. Bu işlənməlidir. Mərkəzləşdirilmiş və yerli xərclərin dəqiq təsnifatı yoxdur.
Sonda hörmətli hökumət üzvlərinə sualım var. Hər il dövlət büdcəsindən 10 milyonlarla manat kredit ayrılan orta və kiçik sahibkarlıq subyektlərinin büdcədə payı nə qədərdir? Neft konsorsiumunun ödənişləri nəzərə alınmadan özəl sektorun ümumi büdcə gəlirlərində xüsusi çəkisi nə qədərdir? Büdcənin formalaşmasında iqtisadiyyatın əsas aparıcı sahəsi olan sənaye, tikinti, nəqliyyat, rabitə və ticarət sektorunun xüsusi çəkisi nə qədərdir? Söhbət büdcə gəlirləri ilə bağlı məlumatların ictimaiyyətə təqdim olunmasından gedir. Hörmətli hökumət üzvləri bu məlumatları həm ictimaiyyətə, həm də parlament üzvlərinə açıqlamağa borcludur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Milli Məclis, Azərbaycan hökumətinin hörmətli üzvləri, hörmətli mətbuat nümayəndələri! Mən 28 May günü münasibəti ilə hamınızı təbrik edirəm. Azərbaycanın tarixində 28 May Milli İstiqlal günüdür. “Respublika günü” ifadəsi, məncə, tarixi gerçəkliyi tam əks etdirmir. Yeri gəlmişkən, Respublika gününün İstiqlal günü ilə əvəz olunması haqqında düşünməyinizi təklif edirəm.
Kiçik çıxışımda prinsipial hesab etdiyim bir neçə məqama toxunmaq istərdim. Bizim fikrimizcə, son illərin büdcəsində ən çox diqqəti çəkən məqam büdcənin neft amilindən asılılığının artmasıdır. Belə ki, büdcə artımının 1 milyard dollardan çoxu mənfəət vergisinin, 435 milyon manatı Dövlət Neft Fondundan transferlərin payına düşür. Başqa sözlə desək, büdcə artımının 80 faizi yalnız iki mənbənin hesabına təmin olunub. Mənfəət vergisinin artımı da, əsasən, neft amili ilə bağlıdır. 2006-cı ildə xarici neft şirkətlərinin dövlət büdcəsinə ödədikləri mənfəət vergisinin ümumi məbləği 972 milyon manat olmuşdur. Dövlət Neft Şirkətindən 700 milyon manat, Dövlət Neft Fondundan 585 milyon manat transfer olmuşdur. Vahid Əhmədovun dediyi kimi, büdcə gəlirlərinin təxminən 60 faizə yaxını birbaşa neftlə bağlıdır. Müvafiq olaraq kiçik və orta sahibkarlıq subyektlərinin büdcədə payı cüzidir. Məsələn, sadələşdirilmiş vergidən daxilolmalar 28,6 milyon manatdır. Bu da büdcə gəlirlərinin cəmi 0,7 faizinə bərabərdir. Mənim fikrimcə, bu da qeyri-neft sektorundakı arzuolunmaz vəziyyətin göstəricisidir.
Neftə ifrat bağlılığı heç cür normal saymaq olmaz. Neft ixrac edən xarici ölkələrin tarixi təcrübəsi, eləcə də xarici mütəxəssislərin rəyinə görə neftin indeksləşməsi iqtisadi və sosial həyatda ciddi disproporsiyalar yaradır. Vəsaitin azlığı bir problemdirsə, böyük vəsaitin idarə olunması bəzi hallarda daha böyük problemlər yaradır. Artım hələ inkişaf demək deyil. Bu vəziyyət son illər Azərbaycana da aiddir. İqtisadi və sosial həyatın adekvat mənzərəsini yaratmaq üçün bəzi neft ixrac edən ölkələrin təcrübəsinə uyğun olaraq, büdcədə nefti və neftlə bağlı sahələri ayrıca bənddə vermək təklif olunur. Ya da neftə aid hissəni “o cümlədən” ifadəsi ilə ayırmaq olar.
Başqa bir mənfi meyl isə vergi borcları ilə bağlıdır. Hörmətli Heydər müəllim bu məsələ ilə bağlı narahatçılığını ifadə elədi. Daha sonra həmkarım Arzu Səmədbəyli də rəqəmləri sadaladı. Böyük vergi ödəyicilərinin vergidən yayınmaları, o cümlədən son illər 2 milyard manatdan çox vergi borcunun yaranması məsələsi qeyd olundu. Nəhayət, büdcə borcları məsələsinə aydınlıq gətirmək lazımdır. Hər hansı bir fiziki şəxsin büdcədə borcu olduqda onu məsuliyyətə cəlb edirlər və düzgün edirlər. Amma nəhəng dövlət şirkətlərinin illərlə borcu yığılır. Bununla bağlı ciddi tələb irəli sürülmür. Niyə? Təkcə bu fakta görə 2006-cı il dövlət büdcəsinin icrasını qeyri-qənaətbəxş hesab etmək lazımdır.
Son illərdə iddia edilir ki, dövlət büdcəsi sosialyönümlüdür. Amma 2006-cı ilin büdcəsini əvvəlki ilin büdcəsi ilə müqayisə etsək görərik ki, keçən il təhsil, səhiyyə və sosial müdafiə xərclərinin büdcədə xüsusi çəkisi azalıb. Yəni 36 faizdən 26 faizə enib. Büdcə xərcləri içərisində ən yüksək artım tempinə malik olan sənaye və tikinti xərcləri 5,5 dəfə, müdafiə xərcləri isə 2,2 dəfə artıb. Ən aşağı temp isə elm və sosial müdafiə xərclərinə aiddir. Daim iddia edilir ki, bizim büdcəmiz böyükdür. Bizdə adambaşına düşən büdcə xərcləri 444 manatdır. Bu göstəriciyə görə Baltikyanı ölkələr bizdən 4-5 dəfə irəlidədir. Əslində, Dövlət Neft Fondundan transferlərə də ehtiyac yoxdur. Yetər ki, büdcə intizamı artırılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Xahiş edirəm, mənim vaxtımı Əli Hüseynova verin. Onun vaxtını mən götürərəm.
Sədrlik edən. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunur. Mühüm bir sənəddir. Təkcə onu demək kifayətdir ki, əlverişli makroiqtisadi şərait və dövlətin iqtisadiyyatda tənzimləyici rolunun gücləndirilməsinə istiqamətləndirilmiş iqtisadi siyasət nəticəsində son illər dövlət büdcəsinə yenidən baxılır. 2006-cı ildə də bu belə olub və onun gəlir və xərclərinin artırılması ilə nəticələnib. Təkcə bu fakt cənab Prezident tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin vətəndaşlar tərəfindən dəstəkləndiyini göstərir. Amma mən qısaca olaraq, öncə səslənmiş bir sıra fikirlərə münasibət bildirmək istəyirəm.
Hamıya məlumdur ki, Azərbaycan iqtisadiyyatında neft siyasəti mühüm rol oynayır. Bu heç kim tərəfindən danılmır. Əksinə, bizim tərəfimizdən də qeyd olunur. Çünki bu bizim iqtidarın əldə etdiyi bir nəticədir. Mən bir daha Bakı–Tbilisi–Ceyhan kimi layihələrin həm də siyasi əhəmiyyətindən danışmaq istəməzdim. Amma müxalifət nümayəndələri həmişə olduğu kimi indi də bu məsələlərdə mənfi məqamlar axtarmaq istəyirlər. Nə yaxşı ki, onlar hakimiyyətdə olduğu dövrlərdə həmin neft torpağın üstündə yox, altında olub. Çünki qısa zaman çərçivəsində Azərbaycanda üzdə nə var idisə, hamısı darmadağın olmuşdu. İndi tikintiyə də, quruculuq işlərinə də irad bildirirlər. Hamısını korrupsiya ilə əlaqələndirirlər.
O zaman hakimiyyətdə olduğunuz dövrdə daşı daş üstünə qoymuşdunuz ki, indi bunları korrupsiya ilə əlaqələndirirsiniz? Sözsüz ki, bu cür layihələr həyata keçiriləndə müəyyən nöqsanlar da olur. Ölkənin həyata keçirdiyi konkret layihələr və tədbirlər mövcuddur.
Qeyd edirlər ki, regionlarda bir iş görülmür. Sanki hər yanda iş dayanıb. Niyə belə olduğunu mən başa düşürəm. Çünki müxalifət Bakıdan başqa heç yana getmir. Çünki xalqın dəstəyi yoxdur. Mən və İlham müəllim onları təmsil olduğumuz Yevlax rayonuna dəvət edirik. Gəlib görsünlər. Təkcə 2007-ci ildə 12 regional layihə həyata keçirilib, bir neçə zavod və fabrik açılıb.
Bir məsələni də qeyd etmək istəyirəm. İndi təklif edirlər ki, Respublika günü İstiqlal günü ilə əvəz olunsun. Bir daha tarixə qayıtsınlar, baxsınlar ki, Respublika günü nə zaman və kimlər tərəfindən müəyyənləşdirilib.
Hörmətli həmkarlarım, hökumətin hesabatı ilə bağlı bir neçə fikrə də münasibət bildirmək istəyirəm. İlk növbədə, iki məsələni xüsusi vurğulamaq istəyirəm. Keçən dəfə çıxışımda mən Azərbaycanın Bolqarıstandakı səfirliyinə binanın alınması ilə bağlı təklif vermişdim. Təşəkkür edirəm ki, hökumət və Maliyyə Nazirliyi bu məsələni önə çəkdi. Bolqarıstan Avropa Birliyinə daxil olub və hesab edirəm ki, bu məsələnin həllində biz öz maliyyə imkanlarımızdan kifayət qədər istifadə etdik. Hazırda Azərbaycanın Bolqarıstandakı səfirliyinin bina ilə təmin olunması müsbət həllini tapmışdır.
İkinci məsələ. Mən çıxışımda Dədə Qorqud Tarixi Eetnik Kompleksinin yaradılması ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanının icra olunmadığını vurğulamışdım və bu barədə tənqidi fikirlərimi söyləmişdim. Hesab edirəm ki, bütövlükdə bu məsələ ictimaiyyət tərəfindən çox müsbət qarşılandı. Qısa zaman çərçivəsində Mədəniyyət Nazirliyi bu məsələni bir daha araşdırdı, cənab Prezidentə bu barədə məruzə olundu. Bu məsələlərin həlli ilə bağlı artıq cənab Prezidentin konkret fərmanı və sərəncamı oldu.
Hörmətli həmkarlarım, hesab edirəm ki, məqsədli dövlət proqramlarının səmərəliliyinin gücləndirilməsinə nəzarət bizim qarşımızda duran mühüm vəzifələrdən biridir. Çünki daha şəffaf nəzarət mexanizmlərinin formalaşdırılmasına nəzarət var. İkincisi, büdcə xərclərinin səmərəliliyinin artırılması ilə bağlı. Daha doğrusu, bu səmərəliliyin mexanizmlərini fikirləşib tapmaq lazımdır. Bu barədə Hesablama Palatasının sədri də qeyd etdi. Bu təklifləri mən də qeyd etmək istəyirəm. Sonda hörmətli həmkarlarımı dövlət büdcəsinin icrasına dair illik hesabata səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də müstəqilliyimizin bərpa olunmasında xidmətləri olan bütün dəyərli övladlarımızı təbrik edirəm. Təbii ki, müstəqilliyimizin əbədi olması üçün hər kəsin səy göstərəcəyini arzu edirəm.
Hər halda Milli Məclisdə müxalif fikir olmasa, hörmətli Oqtay müəllim ona reaksiya verməz. Oqtay müəllim, Milli Məclisdə müxalif fikirlərin səslənməsi ona görə lazımdır ki, hörmətli hökumət üzvlərində, Hesablama Palatasının üzvlərində, hətta millət vəkillərinin özündə büdcənin xərclənməsi ilə onların maraqlanmadıqları barədə təsəvvür yarana bilsin. Amma görünür, bu gün hörmətli Siyavuş müəllim olmadığından onun missiyasını Əli müəllim daşımalı olur. Biz ölkədə gedən abadlıq, tikinti, quruculuq işlərinin olmamasını arzu eləmirik. Bununla fəxr edirik. Şəxsən mən şərəf hissi keçirirəm. Ancaq bu gün bizim müzakirə elədiyimiz məsələ ondan ibarətdir ki, əgər ölkədə rüşvət, korrupsiya baş alıb getməsə, həmin tikililər iki dəfə artıq olar. Biz onu istəyirik. Mən deyirəm ki, bu gün Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin ölkəyə daxil olan mallardan aldığı rüsumların 80 faizi bizim büdcəmizə daxil olsa, vergilər hesabına büdcəmizə bu gün daxil olan məbləğ üç dəfə, beş dəfə artıq ola bilər.
Vergilər naziri yanvar ayında qabaqcadan bütün sahibkarlardan bir ilin “haqqını” yığır. 10 gündür Sumqayıtda bütün marketlərdən, şadlıq evlərindən 1000-1500 manat rüşvət alıb gedirlər. Sumqayıtda bir neçə market bağlanıb. Nə qədər rüşvət yığmaq olar? Qoyun, bu sahibkarlar da inkişaf eləsin. 10 ildir əziyyət çəkib, bir dükan tikib, amma işlətməyə qoymurlar.
Oqtay müəllim, ümumiyyətlə, 5 dəqiqə ərzində bu müzakirələr barədə fikir demək çətindir. Amma ümumi mənzərəni yaratmaq üçün demək istəyirəm ki, iki sahə ilə bağlı çox narahatedici siqnallar var. Mən hörmətli hökumət üzvlərindən xahiş edirəm, bu sahibkarlar yazıqdır, onların bir balaca inkişaf etməsinə kömək edin. Təşəkkür edirəm. Mən iki sahə ilə bağlı fikirlərimi diqqətinizə çatdırmaq istəyirdim.
Sədrlik edən. Sağ olun. Bilirsiniz ki, müxalifətin sözünü kəsmirik. Sadəcə, haqsız deyilən sözlərə mən öz iradımı bildirirəm. Bu da mənim haqqımdır. İkinci, Siz həmkarsınız. Deyirsiniz ki, Siyavuş Novruzov yoxdur, onu Əli Hüseynov əvəz elədi. Əli Hüseynovun dəsti-xətti buradakıların çoxuna bəs eləyər. Xahiş edirəm, bir-birimizə hörmətlə yanaşaq. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Biz bu gün Milli Məclisin iclasında 2006-cı ilin dövlət büdcəsinin icrası barədə hesabatı dinlədik. Hər şey yüksək səviyyədədir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ümumi iqtisadi siyasətin nəticəsi olaraq, 2006-cı ildə iqtisadiyyatın bütün sahələrində, o cümlədən maliyyə sektorunda yeni nailiyyətlər əldə edilmişdir. Təqdim olunmuş hesabatdan göründüyü kimi, 2005-ci illə müqayisədə 2006-cı ildə ümumi daxili məhsul 31,5 faiz, dövlət büdcəsinin gəlirləri 88,2 faiz, xərclər isə 77,1 faiz artmışdır. Xüsusi ilə qeyd etmək lazımdır ki, hesabat ilində maliyyə sektorunun müasir tələblər səviyyəsində idarə olunması üçün qanunvericilik bazası möhkəmlənmişdir. Belə ki, son illərdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Zəruri hallarda qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib.
Təqdim olunmuş hesabatdan göründüyü kimi, dövlət büdcəsinin gəlirlərinin formalaşmasını təmin eləyən bütün növ vergilər üzrə proqnoz göstəriciləri 100 faizdən artıq icra olunmuşdur. Ümumi daxili məhsulda 2006-cı ildə dövlət büdcəsinin gəlirlərinin xüsusi çəkisi 2005-ci ilə nisbətən 4,5 faiz artaraq 21,8 faiz, dövlət büdcəsinin xərclərinin xüsusi çəkisi isə 3,4 faiz artaraq 21,4 faiz təşkil etmişdir.
2006-cı ildə dövlət büdcəsi xərclərinin bölgüsü və istifadəsi zamanı şəffaflığın və ünvanlılığın təmin olunması sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir. Hesabat ilində iqtisadiyyatda əldə olunan nailiyyətlər hesabına dövlət büdcəsinin gəlirlərinin artması sənaye və tikinti xərclərinin, müdafiə xərclərinin, ümumi dövlət xidmətləri xərclərinin, elm və iqtisadi fəaliyyətlə bağlı xərclərin, habelə məhkəmə xərcləri, hüquq mühafizə və prokurorluq orqanlarının xərclərinin, təhsil, səhiyyə və digər sahələrdə xərclərin artmasına da şərait yaratmışdır. Bu da öz növbəsində əhalinin böyük təbəqəsini təşkil eləyən və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının, sosial müavinətlərin, pensiyaların, ünvanlı sosial yardımların artmasına səbəb olmuş, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmişdir.
2006-cı ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin sürətlə artması ölkə iqtisadiyyatının bütün sahələrinə sərmayələrin qoyulması ilə səciyyələnmişdir. Əgər bir neçə il əvvəl ölkəyə sərmayə qoyuluşunda xarici kapital üstünlük təşkil edirdisə, indi ölkəmiz daxili maliyyə imkanları hesabına bir çox investisiya layihələrini maliyyələşdirməyə başlamışdır. Buna misal olaraq, dövlət büdcəsinin investisiya xərclərindən nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və aqrar sahələrdə həyata keçirilən konkret layihələrin maliyyələşdirilməsini göstərmək olar. Qeyd olunan sahələrə investisiya qoyuluşunu əks etdirən göstəricilər hesabatda öz əksini tapmışdır.
Hörmətli deputatlar, bildirmək istəyirəm ki, 2006-cı ildə dövlət büdcəsinin vəsaiti hesabına respublikanın bütün rayon və şəhərlərində əhalinin firavan yaşayışının yaxşılaşdırılması məqsədi ilə bir çox sosial obyektlər istifadəyə verilmiş və həmin işlər bu gün də davam edəcək. Bununla yanaşı, regionlarda elektrik enerjisinə olan tələbatı ödəmək məqsədi ilə 5 elektrik enerjisi stansiyasının, habelə əhalinin içməli su ilə təminatını ödəmək üçün bir sıra obyektlərin tikintisinə xeyli miqdarda vəsait ayrılmışdır. Bildirmək istəyirəm ki, Masallı rayonunda və kəndlərdə əhalinin...
Sədrlik edən. Əhəd müəllimin çıxışını bir dəqiqə də artıraq.
Ə. Abıyev. Cari ilin büdcəsindən həmin sahələrə ayrılan vəsait hesabına çoxsaylı əhalisi olan Masallı rayonunun kəndlərinə elektrik enerjisinin verilməsini və ciddi problem olan içməli su təchizatını yaxşılaşdırmaq üçün müvafiq qurumlar tərəfindən müəyyən işlər görülməsini xahiş edirəm. Çıxışımın sonunda deputat həmkarlarımdan Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də çıxışımın əvvəlində həmkarım Əli Hüseynovun fikirlərinə qoşularaq ölkəmizdə, xüsusən də ən ucqar rayonlarda belə aparılan quruculuq işlərini qeyd etmək istəyirəm. Təbii ki, görülən işlərlə yanaşı, xeyli sayda problemlər də həll olunmamış qalır.
Birinci növbədə, hökumət üzvlərinin diqqətini ona yönəltmək istərdim ki, yaxşı olardı ki, büdcə tərtib olunarkən və vəsait bölüşdürülərkən cəbhə bölgəsində yerləşən rayonlar digər rayonlardan bir qədər fərqləndirilsin. Çünki heç kəsə sirr deyil ki, müharibə bölgəsində, cəbhə bölgəsində yerləşən rayonların spesifik problemləri var və həmin problemlər vaxtında öz həllini tapmalıdır.
Mən hörmətli Müslüm müəllimin burada olmasından istifadə edərək bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Heç kəsə sirr deyil ki, cəbhə bölgəsində yerləşən bir çox rayonlarda, xüsusən də mənim təmsil olunduğum Tərtər rayonunda 20 minə yaxın məcburi köçkün yaşayır. Demək olar ki, məcburi köçkünlərin 90 faizi yerli əhalinin pay torpaqlarında yaşayırlar. Daha doğrusu, həmin torpaqlar qaçqınlar tərəfindən zəbt olunub. Yerli əhali isə pay torpaqları olduğuna görə ünvanlı sosial yardımdan məhrumdurlar. Yəni nə ünvanlı sosial yardım ala bilirlər, nə də pay torpaqlarından istifadə eləyə bilirlər. Mən xahiş edərdim ki, hökumət bu məsələyə diqqət yetirsin.
Bundan əlavə, hörmətli Oqtay müəllim, bu məsələni mən Milli Məclisdə dəfələrlə qaldırmışam. Çox istərdim ki, cəbhə bölgəsində qulluq eləyən zabitlərimizin məvacibinə diqqət yetirilsin. Təsəvvür eləyin ki, polis orqanlarında çalışan hansısa serjant ön cəbhədə qulluq eləyən zabitdən qat-qat artıq maaş alır. Biz hansısa sahədə insanların maaşının artırılmasının əleyhinə deyilik. Amma yaxşı olardı ki, birinci növbədə əsgər və zabitlərimizin qayğısına qalaq. Büdcəmiz gündən-günə artır, güclənir. Bu, təqdirəlayiq haldır. Amma yaxşı olardı ki, gəlirlərimizin artmasından istifadə edərək bir sıra sahələrə daha artıq diqqət ayıraq. Məsələn, qeyd olundu ki, kənd təsərrüfatına daha çox vəsait ayrılır. Amma mənim bildiyimə görə hələ də bir çox rayonlarda əhali öz məhsulunu verməyə yer tapa bilmir. Bəzi rayonlarda emal müəssisələrinin yaradılması əhalinin vəziyyətinin xeyli dərəcədə yüngülləşdirilməsinə kömək edə bilərdi.
Bundan başqa bir məsələyə də hörmətli maliyyə nazirinin aydınlıq gətirməsini istərdim. Heç kəsə sirr deyil ki, ölkəmizdə tikinti sahəsi ən çox gəlir gətirən bir sahədir. Amma maraqlıdır ki, bizə təqdim olunan sənədlərdən belə aydın olur ki, büdcəmizə daha az gəlir daxil olub. Mən çox istərdim ki, bu məsələyə hörmətli maliyyə naziri aydınlıq gətirsin. Əgər bir sahə inkişaf edirsə, onun büdcəyə gəlirləri daha çox olmalıdır və artım nəzərə çarpmalıdır. Belə bir artım niyə hiss olunmur?
İlin əvvəlində büdcə müzakirə olunanda təklif etmişdim ki, cəbhə bölgəsində, xüsusən də mənim təmsil etdiyim Aran Qarabağ bölgəsində hərbi hospitala ehtiyac var. Belə bir hospitalın tikintisi mümkündürmü? Çox xahiş edərdim ki, bu məsələyə də aydınlıq gətirilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin icrasına dair təqdim olunan hesabat ölkəmizin sürətlə inkişaf etdiyini aydın şəkildə sübut edir. Eyni zamanda, hesabat ətrafında aparılan müzakirələr Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü və həyatiliyini, gerçəkliyə uyğun olduğunu, zamanla səsləşdiyini bir daha təsdiqləyir.
2006-cı il ölkəmiz üçün böyük iqtisadi layihələrin maliyyələşdirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu cəhətdən müxtəlif mənbələr hesabına maliyyələşdirilmiş Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin vaxtında çəkilişinin başa çatdırılması Azərbaycanın iqtisadi göstəricilərinin beynəlxalq miqyasda əks-səda verdiyinə və nüfuz qazandığına canlı və əyani sübutdur. Üstəlik 2006-cı ildə Bakı–Tbilisi–Qars dəmir yolunun texniki-iqtisadi əsaslarının işlənib hazırlanması, maliyyə mənbələrinin müəyyən olunması da mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, mən həm iqtisadi əhəmiyyətinə, həm də Ermənistan Respublikasını blokadada saxlamaq imkanlarına görə bu istiqamətdə cənab Prezidentin ardıcıl və qətiyyətli mövqeyini ürəkdən dəstəkləyirəm. Bununla belə, arzu edərdim ki, ölkəmizin yaxın dövr üçün maliyyə strategiyası işlənib hazırlanarkən Bakı–Tbilisi–Qars dəmir yolunun Naxçıvan Muxtar Respublikasına qədər uzadılması üçün maliyyə vəsaiti ayrılması da nəzərdə tutulsun. Bu məsələnin həlli blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının bir çox problemlərinin həllinə təkan verə bilər. Mən bütövlükdə 2006-cı ilin dövlət büdcəsinə dair hesabatı məqbul hesab edirəm və həmin layihəyə səs verməyi məqsədəuyğun sayıram. Çox sağ olun.
Sədrlik edən. 15 nəfər çıxışa yazılıb. Təkid eləyən yoxdur ki? Məsələlərin çoxu təkrarlanır. İki sual var. Astan Şahverdiyev.
A. Şahverdiyev. Mənim sualım yox, daha doğrusu, təklifim var. Burada kifayət qədər dinləmələr oldu və əksər məruzələr bir-birini təkrarlayır. Dövlət büdcəsinə münasibət aydın oldu. Əgər təkid eləyən yoxdursa, səsə qoyulsun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hesablama Palatasının bu hesabatında səhiyyədə yaranan vəziyyətin aradan qaldırılması ilə bağlı maraqlı məqamlar var. İstərdim ki, ona bizim cənab maliyyə nazirimiz aydınlıq gətirsin. Biz 2006-cı ilin büdcəsini yola verdik. Doğrudanmı 2007-ci ilin büdcəsindəki normativlər SSRİ Səhiyyə Nazirliyinin 1969-1983-cü illərdəki normativləri əsasında olacaq? Ümumiyyətlə, burada bir xəstəyə sərf olunan gündəlik dərman xərcinin normaları, həmçinin ambulator xəstələrin qəbulunda sərf olunan dərman xərci normaları yoxdur. Demək olar ki, bu sahədə normativlər yoxdur. Bu sahəyə vəsait ayrılır. Bu sahədə nələri eləməyi düşünürük?
Cənab iqtisadi inkişaf nazirimiz hörmətli Heydər müəllimin diqqətinə çatdırıram ki, Prezidentin fərmanına görə pullu tibbi xidmət növləri və qiymət tarifləri Tarif Şurası tərəfindən təsdiq olunmalıdır. Bu sahədə bizdə çox böyük pərakəndəlik var. Nəzərə alsaq ki, bu, insanlarımız üçün vacib məsələlərdir. Kim nə istəyirsə, hansı qiymətləri istəyirsə, onu da tətbiq edir. Mən hələ əməliyyatların, müalicələrin qiymətini demirəm. Ümumiyyətlə, bu məsələ həddindən artıq gecikir. Tarif Şurası bu məsələyə nə vaxt baxmağı düşünür? Eyni zamanda, ödənişli təhsil müəssisələrində də ödəniş haqlarını Tarif Şurası təsdiq etməlidir.
Sədrlik edən. Qənirə xanım, suallarınız çıxışa keçdi. Mən hesab edirəm ki, layihəni səsə qoymamışdan əvvəl maliyyə nazirini dinləyək.
S. Şərifov. Çox sağ olun, cənab Sədr. İlk öncə mən 2006-cı ilin büdcəsinin icrası ilə əlaqədar müzakirələrdə iştirak etmiş millət vəkillərinə təşəkkürümü bildirmək istərdim.
Hesab edirəm ki, bir çox maraqlı məsələlər qaldırıldı, müəyyən şərtlər söylənildi. Bu şərtlərin bir qismi ilə razılaşa bilərik. Amma hesab edirəm ki, bəzi şərtlər qərəzli şəkildə qurulmuşdu və Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərin həm həcmini, həm də keyfiyyətini, yeni mərhələyə keçməsini nəzərə almır.
Deputat Həsənli qeyd etdi ki, 2006-cı ilin büdcə hesabatında investisiya qoyuluşlarının səmərəsi aşağı olub və bu, Hesablama Palatasının rəyində öz əksini tapıb. Mən Hesablama Palatasının rəyində belə bir şərh görməmişəm. Prinsipcə, sərmayə qoyuluşunun səmərəsini qiymətləndirmək üçün müəyyən vaxt gərəkdir. Hesab edirəm ki, 2006-cı ildə biz sərmayə qoymuşuqsa, 2007-ci ilin may ayında onun səmərəli, yaxud səmərəsiz olduğunu görmək bir qədər çətindir.
Təhsil Nazirliyi tərəfindən büdcə xərclərinə tam nəzarət edilməsi ilə bağlı məsələ qaldırılmışdır. Təhsil bölməsi üzrə xərclər dövlət büdcəsinin büdcə sistemi haqqında təsnifatına uyğun olaraq mərkəzləşdirilmiş xərclərdən və yerli xərclərdən ibarətdir. Yəni mərkəzi aparat üzrə xərclər Təhsil Nazirliyi tərəfindən, rayonlarda isə təhsil şöbələri tərəfindən həyata keçirilir. Bildiyiniz kimi, Bakı şəhəri üzrə yerli xərclər artıq Təhsil Nazirliyinin mərkəzi xərclərinə qatılmışdır. Artıq Bakı şəhərinin təhsil xərcləri mərkəzi aparatdan həyata keçirilir. Lakin Azərbaycanın digər şəhər və rayonlarında olan təhsil xərclərinin nazirlik tərəfindən həyata keçirilməsi məsələsinə biz çox ehtiyatla yanaşmalıyıq. Yəqin ki, hökumət tərəfindən bu məsələyə baxılmalıdır. Bu məsələ elə də sadə bir məsələ deyil. Yəqin ki, biz yerli özünüidarəetmə prinsiplərini pozmamaq məqsədi ilə bu bölgünü saxlamalıyıq.
Burada bir neçə deputat tərəfindən ünvanlı sosial yardımla bağlı fikirlər söylənildi. Qeyd olundu ki, ünvanlı sosial yardım tam həcmdə xərclənməyib. Bu isə, ilk növbədə, onunla bağlıdır ki, ünvanlı sosial yardımın verilməsi qaydaları var. Müvafiq qanunvericilik aktlarına uyğun olaraq Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu xərcləri icra edir. Burada müəyyən amillər nəzərə alınmaqla bu yardım paylanılır.
Bəzi deputatlar qeyd etdi ki, pay torpağı olanlar, faktiki olaraq, bu yardımdan məhrum edilir. Bu məsələlər var, buna baxılmalıdır. Yeni bir sistemdir.
Bir neçə rayonda, o cümlədən Salyanda məktəblərin tikintisi ilə bağlı, Masallıda su təminatı ilə bağlı və digər rayonlarda bəzi problemlərin həlli ilə bağlı məsələlər qaldırıldı. Geniş miqyasda məktəblərin tikintisi və yenidən qurulması proqramı həyata keçirilir. Siz özünüz də bunun şahidisiniz. Bütün məktəbləri bir il ərzində təmirə dayandırmaq, yəni onları təcrid etmək qeyri-mümkündür. Bunlara mərhələlərlə baxılır və müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən bu işlər aparılır. Bu məktəblərin təmiri, yeni sinif otaqlarının tikintisi məsələləri müvafiq nazirliklər, o cümlədən İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi tərəfindən dövlətin əsaslı vəsait qoyuluşu proqramlarında nəzərə alınır.
Bir neçə dəfə burada profisitlə bağlı fikir səsləndi. Məsələ ondan ibarətdir ki, 2006-cı ilin büdcəsi təsdiq olunanda biz büdcədə profisit nəzərdə tutmamışdıq. Amma büdcə sistemi ilə bağlı qanunvericilikdə göstərilir ki, gəlirlər xərcləri üstələdiyi təqdirdə profisit əmələ gəlir. Artıq büdcənin icrasını qeyd etdik. Burada hökumət tərəfindən hansısa qərəzli bir siyasət aparılmayıb ki, profisit əmələ gəlsin. Ona görə də burada guya Azərbaycan hökumətinin müəyyən ölkələrin siyasi profisitlə bağlı siyasətini həyata keçirmək istəməsi ilə bağlı səslənən fikirləri qəbul etmirəm. Onu da nəzərə almalıyıq ki, Azərbaycanda gəlirlərin bir çoxu neftin satışından əldə edilir və neftin qiymətinin artması nəticəsində büdcənin də gəlirləri artır. Bunun nəticəsində profisit də əmələ gələ bilər. Burada qeyd olunduğu kimi, bəzi xərclərin icra olunmaması nəticəsində də, yəni gəlirlər xərcləri üstələyəndə də profisit əmələ gəlir.
Vergilərin toplanması ilə bağlı mən öz çıxışımda səsləndirdim ki, Maliyyə Nazirliyinin bu sahədə xeyli imkanları və ehtiyatları var. Yəqin ki, vergi inzibatçılığını biz bir daha təkmilləşdirməliyik.
Neftdən asılılıq məsələsi bir neçə deputatın çıxışında səsləndirildi. Bu məsələyə mən xüsusi ilə toxunmaq istərdim. Etiraf olunmalıdır ki, prinsipcə, Azərbaycan iqtisadiyyatı hazırda neft amili ilə sıx bağlıdır və hökumət bunu inkar etmir. 1994-cü ildə neft sazişi imzalananda Azərbaycanın ümummilli lideri Heydər Əliyev məhz onu nəzərdə tuturdu ki, neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycana neft daxilolmaları artacaq.
Bu gün biz bilirik ki, Dövlət Neft Şirkətinin illik hasilatı təxminən 9 milyon tondur. Artıq beynəlxalq konsorsiumlar gündə 600 min bareldən çox neft hasil edir. Onu da bilirik ki, bizim sazişlərimizin həyata keçirilməsi nəticəsində Azəri–Çıraq–Günəşli yatağından gündəlik neft hasilatı 1 milyon bareldən yüksək olacaq. Təbii ki, bunun nəticəsində həm dövlət büdcəsinə, həm icmal büdcəyə əlavə gəlirlər daxil olacaq.
Aydın məsələdir ki, gəlirlərin strukturunda neft daxilolmaları üstünlük təşkil edəcək. Mən bu gün də tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, gələn ilə bu gəlirlərin strukturunda neft daxilolmaları üstün yer tutacaq. 2009-cu ildə bundan da çox olacaq. Müəyyən proqnozlara görə 2009-cu ildə neftin qiymətindən asılı olaraq, təxminən 4 milyard ABŞ dolları həcmində mənfəət nefti Dövlət Neft Fonduna daxil olmalıdır. Bu da normal büdcənin tərkib hissəsidir.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin məqsədi ondan ibarətdir ki, həyata keçirdiyimiz neft layihələrindən daha çox gəlirlər əldə edək. Digər tərəfdən bunu ölkə başçısı da bir neçə dəfə qeyd edib. Amma dövlət başçısı onu da qeyd edib ki, biz neftdən asılılığımızı azaltmağa çalışmalıyıq. Bunu bir gün ərzində həll etmək mümkün deyil. Neftdən əldə etdiyimiz gəlirləri biz, ilk növbədə, Azərbaycanda baza infrastrukturlarının, eyni zamanda, müvafiq sosial infrastrukturların inkişaf etdirilməsinə yönəltməliyik. Digər tərəfdən sahibkarlığa dəstək verərək qeyri-neft sektorunun inkişafına nail olmalıyıq. Bu problem bizdən müəyyən vaxt tələb edəcək.
Bir daha qeyd etmək istəyirəm ki, həm ümumi daxili məhsulun strukturunda, həm dövlət büdcəsinin, həm də icmal büdcənin gəlirlərinin strukturunda neft amili yaxın gələcəkdə üstünlük təşkil edəcək. Bunu biz bilirik, bunu biz qəbul edirik. Amma bununla bağlı müvafiq tədbirləri də həyata keçiririk.
Burada daxili və xarici investisiyaların strukturu ilə bağlı fikirlər səsləndirildi. Mən hesab edirəm ki, xarici investisiyaların Azərbaycan iqtisadiyyatına daxil olması çox müsbət amildir. Yəni xarici investisiyanın artımı onu göstərir ki, xarici investorlar Azərbaycan iqtisadiyyatına etibar edirlər. Azərbaycan hökuməti xarici biznesmenlərin sərmayə qoyması üçün yaxşı şərait yaradıb. Onların daxili investisiyaları üstələməsində heç bir mənfi göstərici görmürəm. Digər tərəfdən qeyd olunmalıdır ki, son zamanlar daxili investisiyaların da xüsusi həcmi xeyli artır.
Deputat İqbal Ağazadə qiymətlərin artırılması ilə bağlı məsələlərə toxundu. Yəni inflyasiya ilə bağlı problemlər səsləndirildi. Hökumət bu problemləri bilir. Qeyd olundu ki, guya Nazirlər Kabinetinin 2006-cı ildəki hesabatında bu, etiraf olunmamışdı. Tamamilə təhrif olunmuş bir ifadədir. 2007-ci ildə hansısa inflyasiya meylləri varsa, müşahidə olunubsa, bunlar 2007-ci ilə aiddir. 2006-cı ilin icrası ilə bağlı Nazirlər Kabineti hesabat verəndə, yəqin ki, 2007-ci ildə baş verən məsələləri əhatə etməməli idi. Lakin 2007-ci ilin büdcəsi təqdim olunanda mən şəxsən maliyyə naziri kimi inflyasiya təzyiqləri barədə məsələlərə toxunmuşam. Stenoqramlara baxa bilərsiniz. Biz demişik ki, Azərbaycan hökumətinin qarşısında ən böyük problemlərdən biri inflyasiya təzyiqlərinin azaldılmasıdır. Çünki makroiqtisadi durum, artan neft gəlirləri, Azərbaycan iqtisadiyyatı qarşısında duran struktur problemlər, infrastrukturların yenidən qurulması həmin sahələrə dövlət büdcəsi tərəfindən vəsait yönəldilməsini tələb edir. Bu şəraitdə inflyasiya təzyiqləri artacaqdır.
Eyni zamanda, müsbət hal ondan ibarətdir ki, əhalinin pul gəlirlərinin artımı inflyasiyanı xeyli yüksəldir. Söhbət təxminən 20 faizdən gedir. İnflyasiyanın səviyyəsi 2007-ci ilin 4 ayı ərzində 16 faizdirsə, əhalinin pul gəlirlərinin artımı 36 faiz təşkil edir. Bu o demək deyil ki, hökumət 16 faizlik inflyasiya ilə barışıb. Yox. Lakin pul gəlirləri də artır. Pul gəlirlərinin artdığı şəraitdə inflyasiya təzyiqlərinin artımı da məntiqlidir.
Burada investisiya qoyuluşu ilə bağlı deputat Pənah Hüseyn belə bir fikir söylədi ki, sənayeyə pul qoyulmur. Amma sənayedə artım var. Kənd təsərrüfatına pul qoyulur, amma artım yoxdur. Yəqin ki, investisiya qoyuluşunun qiymətləndirilməsi üçün müəyyən vaxt lazımdır. Bu bir günün işi deyil. Bildiyiniz kimi, neft sənayesinə həm xarici neft şirkətləri, həm də bizim özəl şirkətlər, o cümlədən Dövlət Neft Şirkəti investisiya qoymaq iqtidarındadır. Ona görə də dövlət tərəfindən bu sahəyə investisiya qoyuluşuna ehtiyac yoxdur.
Lakin biz bilirik ki, kənd təsərrüfatına daim dövlət tərəfindən dəstək verilməlidir. Məhz ona görə də indi gözlənilir ki, 2007-ci ilin büdcəsində dəqiqləşdirilmə aparılarkən hökumət ölkə Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə baxsın. Həm yanacağın, həm də mineral gübrələrin alınması üçün kənd təsərrüfatına dotasiya şəklində 80 milyon manat verilməsi nəzərdə tutulur. Digər tərəfdən hökumət tərəfindən kənd təsərrüfatında böyük irriqasiya tədbirləri həyata keçirilir. Aydın məsələdir ki, bunlar hökumət tərəfindən kənd təsərrüfatına olan dəstəkdir. Digər tərəfdən Dünya Bankının xətti ilə xeyli kredit vəsaitləri məhz kənd təsərrüfatında müsbət struktur dəyişikliklərin edilməsinə yönəldilmişdir.
Bir prinsipial məsələyə də toxunmaq istəyirəm. Bəzi deputatlar, o cümlədən deputat Nəsibli dedi ki, sosial xərclər azalır. Biz gərək bu məsələlərə bütöv halda baxaq. Çünki dövlət büdcəsinin xərcləri 100 faiz təşkil edirsə, müəyyən istiqamətlərə xərclər artırılırsa, aydın məsələdir ki, digər istiqamətlərdə bu xərclər azalacaq. Mən təkcə onu qeyd etmək istərdim ki, təhsil və səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi azaldıqda biz bu sahə üzrə investisiya xərclərinə də baxmalıyıq. Çünki həm təhsilə, həm səhiyyəyə hazırda külli miqdarda investisiya qoyuluşu həyata keçirilir.
Bir neçə deputat tərəfindən müəyyən layihələr üzrə təkliflər səsləndirildi. Biz onları mütləq nəzərə alacağıq. Burada deputat Paşayeva səhiyyə xərcləri ilə bağlı fikirlər söyləmişdir. Səhiyyə sahəsində gözlənilir ki, bu yaxınlarda dövlət tərəfindən çox geniş miqyaslı struktur islahatlarına başlanacaqdır. Söhbət Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən gedir. Bunu hamı qəbul etməlidir. Çox həssas, çox incə bir sahədir. Ona görə də Səhiyyə Nazirliyinin təklifinə əsasən Dünya Bankından da yardım göstərilir. Biz müəyyən pilot layihələrin həyata keçirilməsinə başlayacağıq. Bununla əlaqədar qeyd olunan bütün normativlər, o cümlədən adambaşına düşən səhiyyə xərcləri və digər məsələlər nəzərə alınacaq. Bunlar həyata keçiriləcəkdir. Amma bəri başdan qeyd etmək istərdim ki, bu, bir günlük islahat deyil. Bu islahat ən azından 2 il çəkəcək.
Təhsildə ödəniş haqları məsələsi müəyyən islahatlarla bağlıdır. Bunlar təkcə Tarif Şurasından asılı deyil. Yəqin ki, iqtisadi inkişaf naziri bu məsələlərə öz çıxışında toxunacaq.
Hörmətli cənab Sədr, suallara cavab vermək üçün yaratdığınız imkana görə Sizə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hesab edirəm ki, olduqca ətraflı müzakirələr oldu, cavablar verildi. İqtisadi İnkişaf Nazirliyinə də suallar oldu. Buyurun, Heydər Babayev, cavab verin.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Çox sağ olun. Samir müəllim, demək olar ki, bütün iqtisadiyyatla bağlı, makroiqtisadi göstəricilərlə bağlı məsələlərə aydınlıq gətirdi. Sadəcə, bir-iki sual qaldı. Hesab edirəm ki, onların da cavablandırılması vacib olardı.
İlk növbədə, insan resursları ilə və bayramların sayının çox olması ilə bağlı suallara aydınlıq gətirmək istəyərdim. Bir iqtisadiyyatçı kimi demək istəyirəm ki, başqa ölkələrin təcrübəsinə baxdıqda görürük ki, bayramların sayı az olan ölkələrdə əmək məhsuldarlığı daha aşağıdır. Bu, artıq sübut olunmuş faktdır. Ona görə də bizim zəhmətkeşlərimiz, sənayedə və digər sahələrdə işləyən insanlar nə qədər çox dincəlmək və bayram keçirmək imkanı əldə etsələr, onların əmək məhsuldarlığı da bir o qədər artacaq. Bunun da iqtisadiyyata ancaq müsbət təsiri var.
İkinci məsələ. Tarif Şurası ilə bağlı Qənirə xanımın sualı var idi. Demək istəyirəm ki, bu haqda biz kütləvi informasiya vasitələrinə də məlumat vermişdik. Həqiqətən də, səhiyyə üzrə Tarif Şurası belə bir qərarın qəbul edilməsinə hazırdır. Nəyə görə deyirəm? Çünki bu sahədə təkliflər artıq Tarif Şurasına daxil olub. Tarif Şurasının iki iclasında bu təkliflər üzrə müzakirələr gedib. Sadəcə, Səhiyyə Nazirliyi Nazirlər Kabineti ilə həmin xidmət növləri üzrə razılaşdırmalar aparır. Ümumiyyətlə, bu ümumi bir problemdir. Bilirsiniz ki, bəzi qurumlar Tarif Şurasına yeni xidmətləri təklif edirlər. Həmin xidmətlər və normativ aktlar isə heç bir yerdə müəyyən olunmayıb. Biz Tarif Şurası olaraq istəyirik ki, həmin xidmət növləri Nazirlər Kabineti tərəfindən təsdiq olunsun. Biz isə artıq təsdiq olunmuş xidmətlərə tarifləri tətbiq edək. Bu, səhiyyəyə aiddir.
Təhsilə gəldikdə isə, yəqin ki, bu günlərdə Nazirlər Kabineti müzakirələr apardıqdan sonra əgər belə xidmət növləri qəbul edilərsə, Tarif Şurasında buna baxılacaqdır. Samir müəllimin artıq qeyd etdiyi kimi, təhsil sahəsində köklü islahatlar gedir. Siz bilirsiniz ki, bunlar təkcə investisiyalarla bağlı deyil. Bunların nəticəsi bilindikdən sonra yəqin ki, bu sahədə tariflərin tətbiq edilməsi və ümumiyyətlə, müzakirələrdən sonra bu haqda Tarif Şurası tərəfindən qərar qəbul olunacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, büdcənin icrası haqqında məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 92
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2007-ci ilin dövlət büdcəsində dəqiqləşmələr aparmaq məsələsi ilə bağlı aşağıdakıları qeyd etmək istərdim. Sözün əsl mənasında, millət vəkilləri, hörmətli Samir müəllim, Heydər müəllim çıxış edərkən elə məsələlərə toxundular ki, həmin məsələlər 2007-ci ilin büdcəsi ilə bilavasitə əlaqədardır.
“Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulur ki, həmin sənəd mayın 15-nə kimi Milli Məclisə təqdim olunmalıdır. Bu Qanunu əsas tutaraq 2007-ci ilin büdcəsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müraciət olmuşdur. Bu dəqiqləşmə nə ilə əlaqədardır?
Mən vaxtınızı çox almaq istəmirəm. Azərbaycanın sosial-iqtisadi həyatında baş verən proseslər davam edir. Azərbaycanın dinamik inkişafı, onun əldə etdiyi uğurlar sabit xarakter alır, ölkənin maliyyə imkanlarını artıran amillər 2007-ci ilin 4 ayında daha artıq dərəcədə özünü göstərmişdir. Demək olar ki, makroiqtisadi göstəricilərin hamısı artmağa meyl edir.
Bundan başqa, bilirsiniz ki, yanvar və fevral aylarında Tarif Şurasının müəyyən etdiyi qərarla əlaqədar Azərbaycan dövlətinin başçısının bir sıra sərəncamları olmuşdur. İstər sosial, istərsə də investisiya sahəsində, habelə digər sahələrdə yardımlarla əlaqədar tədbirlər müəyyən olunmuşdur. Bundan əlavə, Azərbaycan qloballaşan dünyada yaşayır, sürətlə dünya inteqrasiyasına qovuşur. Belə bir şəraitdə istər daxili, istərsə də xarici amillərin təsiri altında dörd ay ərzində Azərbaycanın büdcəsinin artmasına imkan yaranmışdır. Ona görə də büdcədə müəyyən dəqiqləşmələr aparılmalıdır.
Mən istərdim ki, konkret olaraq bəzi faktları sizin nəzərinizə çatdırım. Ümumiyyətlə, dəqiqləşmələrlə əlaqədar 435 milyon manat büdcə gəlirlərinin artması nəzərdə tutulur. Bu, az vəsait deyil. Çox böyük məbləğdir. Xatırlayaq ki, burada bəzi deputatlar haqlı olaraq iradlarını dedilər. Amma elə məsələlər var ki, biz onları real qiymətləndirməliyik. Vaxt var idi ki, Azərbaycanın dövlət büdcəsi 400-500 milyon dollar arasında tərəddüd edirdi. Amma biz indi büdcəyə dəqiqləşmələr aparır, büdcə layihəsini müzakirə edərkən 435 milyon manat əlavə edilməsini təklif edirik.
Söhbət nədən gedir? İlk növbədə, Vergilər Nazirliyi vasitəsi ilə daxilolmalar artacaqdır. Vergilər Nazirliyinin xətti ilə büdcəyə 260 milyon manat vəsait daxil olacaqdır. Bunun da xeyli hissəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisidir. Eyni zamanda, əlavə dəyər vergisi ilə əlaqədardır. Bilirsiniz ki, yanacağın qiymətinin artması ilə əlaqədar daxilolmalar gözlənilir. Maaşlar artır, yeni iş yerləri yaranır. Fiziki şəxslərin gəlir vergisi hesabına 25 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi hesabına 100 milyon manat, əlavə dəyər vergisi hesabına 82 milyon manat, aksizlər hesabına 149 milyon manat büdcəyə əlavə vəsait daxil olmalıdır.
Vergilər Nazirliyinin proqnozları çox ciddi idi. Burada müxtəlif fikirlər səsləndi. Bəzi fikirlərlə razılaşmaq olar. İlk növbədə vergi intizamı möhkəmlənməli, vergi borcları azaldılmalıdır. Bu gün Azərbaycanın maliyyə sistemində çox sabit bir vəziyyət yaranıb. Artıq 7-8 ildir ki, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər orqanlar büdcəyə daxilolmalar üzrə tapşırıqları yerinə yetirirlər. Vaxt var idi, mərhum Heydər Əliyev Vergilər Nazirliyi qarşısında məsələ qoymuşdu ki, biz vaxtında maaşları verə biləcəyikmi? Artıq bu gün cəsarətlə demək olar ki, bu problem yoxdur. Ona görə də bu addım müsbət qiymətləndirilməlidir.
Heç şübhəsiz ki, dünya bazarında neftin qiymətinin yüksək olması Azərbaycanın valyuta ehtiyatlarına, maliyyə imkanlarına çox böyük təsir edir. Ancaq maliyyə nazirinin qeyd etdiyi kimi, burada Dövlət Neft Fondundan ayırmalar nəzərdə tutulmur. 2006 və 2007-ci illərin təsdiq edilmiş büdcəsində də 585 milyon manat nəzərdə tutulmuşdu. Lakin müsbət meyl ondan ibarətdir ki, büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun xüsusi çəkisi 11 faizdən 10,1 faizə enib. Bu, müsbət haldır. Bizim komissiyada da bu məsələ vurğulandı. Bizim iqtisadçılar hesablama aparıblar ki, bu çox müsbət addımdır.
Eyni zamanda, bayaq burada haqlı olaraq bir məsələ qaldırıldı. Biz hesablamalar aparmışıq. Mən istərdim ki, bu məsələnin bir daha ortaya çıxmaması və mətbuatda qeyri-səmimi istifadə olunmaması üçün bəzi rəqəmləri sizin nəzərinizə çatdırım. Bəli, bu gün Azərbaycan iqtisadiyyatında neft amili aparıcıdır. Bu da obyektiv səbəblərdən ibarətdir. Dünyanın bir çox ölkələrində qeyri-neft sektorunun yaradılması və onlardan əlavə gəlirlərin əldə edilməsi üçün 4-5 il vaxt lazımdır. Ümumiyyətlə, təkrar istehsal nəzəriyyəsinə bələd olan insanlar bilirlər ki, əsas fondların təzələnməsi üçün 6-7 il vaxt tələb olunurdu. Lakin aparılan uğurlu siyasət, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və bu gün həyata keçirilən uğurlu iqtisadi islahatlar bu prosesi sürətləndirdi.
Mən istərdim ki, bəzi konkret rəqəmləri deyim. Hörmətli Samir müəllim bu məsələni prinsipial və konseptual mənada tam açıqladı. 2004-cü ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 68 faiz idi. Onda bizim ümumi daxili məhsulumuz 5,8 milyard manat həcmində idi. Artıq 2011-ci ildə nisbət tamam dəyişəcək. Yəni 2004-cü ildə 68 faiz, 2005-ci ildə 54 faizdir. Xam neftin istehsalının və ixracının artması nəticəsində nisbət dəyişir. İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin hesablamalarına görə artıq 2011-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı cəmi 1,2 milyard manat, amma qeyri-neft sektorunun artımı 2,5 milyard manat olacaq. Bu, dinamikadır.
Biz hamımız iş adamıyıq. Burada iqtisadçılar əyləşiblər. Yəni biz gərək Azərbaycanın iqtisadi inkişafında baş verən prosesləri obyektiv qiymətləndirək. Bəli, birdən-birə Azərbaycanda 70-60 milyon ton neft çıxarılacaq. Təbii ki, bunun müqabilində qeyri-neft sektorunda bir-iki il ərzində həmin məhsulun tutumu qədər istehsal sahələri yarada bilmərik. Ona görə də Azərbaycanın bir müddət neft amilindən asılılığı obyektivdir. Nigeriyanı götürək. 100 milyon ton neft istehsal edib. Həmin ölkənin ümumi daxili məhsulunda qeyri-neft sektorunun xüsusi çəkisinə baxın. Cənab İlham Əliyevin belə bir sözü var, zənn edin ki, Azərbaycanda neft yoxdur. Biz diqqətimizi qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Yəqin ki, yaxın günlərdə bu rəqəmləri bizim komissiyada müzakirə etdikdən, İqtisadi İnkişaf Nazirliyinin və Maliyyə Nazirliyinin iştirakı ilə bir daha dəqiqləşdirdikdən sonra kütləvi informasiya vasitələrində nəşr etdirəcəyik ki, birdəfəlik bu məsələyə aydınlıq gətirilsin. Sözün əsl mənasında, aydınlıq çoxdan gətirilib. Bu, dinamikadır.
Bir il ərzində illərlə yığılıb qalmış problemləri həll etmək olmaz. Beynəlxalq Valyuta Fondunun ekspertləri deyirlər ki, büdcə xərcləri artmır. Əlbəttə, biz buna gedə bilmərik. Çünki büdcə xərclərinin bir neçə il ərzində ümumi daxili məhsulu iki-üç dəfə ötməsi obyektiv zərurətdir. Çünki biz bazanı formalaşdırmalıyıq. Bazanı yaratmasaq, təbii ki, bizim problemlərimiz həll olunmayacaq.
Digər bir məsələ gömrük ilə əlaqədardır. Ümumiyyətlə, mən bir iqtisadçı kimi həmişə çalışmışam ki, gömrük rüsumlarının ümumi büdcə gəlirlərinin formalaşmasında xüsusi çəkisi tədricən aşağı düşsün. Bu çox yaxşı haldır. Son vaxtlar belə meyl gedir.
Bu il İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə aparılan araşdırmalar nəticəsində dəyərli faktlar meydana çıxıb. Mən istərdim, bir arayışı sizin nəzərinizə çatdırım. Daxilolmalarda Dövlət Gömrük Komitəsinin hesabına yığılan vəsaitlər birdən-birə 140 milyon manat artacaq. Bu, nəyin hesabınadır? Əlavə dəyər vergisi üzrə 104 milyon manat, gömrük rüsumları üzrə 25 milyon manat, aksiz vergisi üzrə 10 milyon manat artım gözlənilir. Qeyd olunan əlavə 140 milyon manat büdcə proqnozunun yerinə yetirilməsi vergi növləri üzrə aparılan təhlillərə əsaslanır. Dörd ay ərzində Dövlət Gömrük Komitəsinin iqtisadi göstəricilərinin artımı, eyni zamanda, qanunvericilikdə edilən dəyişikliklər proqnoza uyğundur. Belə ki, 2007-ci ilin ilk dörd ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcminin 258 milyon manat, əlavə dəyər vergisinin isə 104 milyon manat artmasına səbəb olacaqdır. Ötən ilin müfaviq dövrü ilə müqayisədə idxal olunan malların tərkibinin dəyişməsi daha yüksək faiz dərəcəsinin tətbiq olunduğu malların, məsələn, maşın və elektrik aparatları avadanlıqlarının 30 faiz artması ilə əlaqədardır.
Ümumiyyətlə, biz çalışmalıyıq ki, ərzaq məhsullarının idxalı azalsın. Ölkə ərzaq təhlükəsizliyini təmin etməlidir. Ona görə də bu il cənab Prezidentin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatına yardım artır. Mən o fikirlə razıyam ki, kənd təsərrüfatında uğurlar o qədər də yüksək deyil. Ancaq necə deyərlər, göydə Allah var. Radikal islahatlardan sonra həmin fermer təsərrüfatları canlanmalıdır. Bu istiqamətdə də böyük işlər görülür. Təbii ki, problemlər də çoxdur.
Hörmətli Oqtay müəllim, mən demək istərdim ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər iqtisadi strukturlarla birlikdə 2007-ci ilin dəqiqləşmiş proqnozu hazırlanıbdır. 2007-ci ilin, ümumiyyətlə, büdcə təsnifatına və büdcənin tərtib olunması qaydalarına görə bütün əsas göstəricilər, yəni ümumi daxili məhsul, onun strukturu, büdcə xərclərinin strukturu, büdcə xərclərinin dinamikası, büdcə kəsiri, borcalmalar, büdcə kəsirinin yuxarı həddi, dövlət borcunun yuxarı həddi, eyni zamanda, digər mənbələr hesabına Azərbaycanın investisiya layihələrində iştirakı ilə əlaqədar materiallar öz əksini tapmışdır. Vaxt var idi, Azərbaycanın büdcə gəlirləri ümumi daxili məhsulun 13-14 faizini təşkil edirdi. Yəni ümumi daxili məhsulda sosial investisiya xarakterli işlərin dövlət tərəfindən tənzimlənməsi məsələsi aşağı səviyyədi idi. Bu gün artıq 2007-ci ilin büdcəsinə görə büdcə gəlirləri ümumi daxili məhsulun 24-25 faizini təşkil edəcək. Bu çox yüksək rəqəmdir. Əlbəttə, bunu birdən-birə artırmaq olmaz, bunu həzm etmək lazımdır. Müəyyən strukturlar yaradılmalıdır.
Mən hesab edirəm ki, Azərbaycanın dövlət başçısının həm investisiya xarakterli, həm də sosialyönümlü xərclərin artması ilə bağlı müəyyən etdiyi strateji xətt burada öz əksini tapmışdır. Bizi həddindən artıq tənqid edirlər ki, xərclər çox artıb. Bəli, xərclər artır. Amma inflyasiyanın artması da təzyiqləri artırır. Əgər Azərbaycan dinamik inkişaf edirsə, iri həcmli layihələri həyata keçirirsə, deməli, hökumət, Milli Bank, iqtisadi qurumlar maliyyə nəzarətini idarə edə bilirlər. Mən istəməzdim ki, dövriyyədə birdən-birə pul kütləsi artsın. Amma onun münasib həddini artıq Milli Bank da, İqtisadi İnkişaf Nazirliyi də müəyyən edir. Vaxt var idi, Azərbaycanda pul kütləsinin ümumi daxili məhsula nisbəti 13-14 faiz idi. Amma həmin islahatları aparan ölkələrdə 100-105 faiz təşkil edirdi.
Bununla yanaşı, millət vəkillərinin narahatçılığını da başa düşürəm ki, inflyasiya təzyiqi artır. Manatın məzənnəsi möhkəmlənir. Nə etməliyik? Nağdsız hesablaşmaları artırmalıyıq. Büdcə xərcləri üzərində nəzarəti gücləndirməliyik. Tenderlərə diqqətlə yanaşmalıyıq. Yəni sizin toxunduğunuz məsələlər bizim komissiyada geniş və ətraflı müzakirə olunmuşdu.
Mən hesab edirəm ki, yeni bir məsələ meydana çıxır. Radikal islahatçılar deyirdilər ki, dövlət iqtisadiyyatdan getməlidir, hər şey özbaşına buraxılmalıdır. Tamamilə səhv fikirdir. Qloballaşan dünyada təhlükəsizliyini qorumaq üçün dövlətin əlində çox güclü vasitə var. O da büdcədir, proqnozlardır, strateji proqramlardır. Bu baxımdan Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər qurumlar tərəfindən birgə hazırlanan və hökumət tərəfindən qəbul edilən büdcə layihəsi Azərbaycanın inkişafına xidmət edəcəkdir. Azərbaycanın icmal büdcəsi 10 milyard manatı ötüb keçəcəkdir. Həqiqətən, böyük bir rəqəmdir.
Mən razıyam ki, müəyyən problemlər ola bilər. Komissiyada da bu, qeyd edildi. Komissiyada çox professional suallar verildi. Amma gəlin, açıq danışaq. Biz bu mərhələni keçməliyik. Bu mərhələni keçəndən sonra biz daha keyfiyyətli inkişafa nail olacağıq. Əsas məsələ ondan ibarətdir ki, sənaye proqramı hazırlanır, investisiya proqramları hazırlanır. Bu proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır, banklar müəyyənləşdirilir. Bir sözlə, görüləsi işlərimiz çoxdur. Amma, eyni zamanda, 2007-ci ilin təqdim edilmiş, dəqiqləşdirilmiş büdcəsi Milli Məclisdə müdafiə oluna bilər. Mən də millət vəkillərini bu layihəyə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Samir Şərifov.
S. Şərifov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursu və dövlət idarəçiliyi ənənələri Prezident İlham Əliyev tərəfindən davam etdirilərək, iqtisadiyyatın inkişafına yüksək dinamizm verilməklə, ölkəmizin həyatının bütün sahələrində geniş miqyaslı inkişaf əldə edilmiş, Milli Neft Strategiyasının əsas hədəflərinə nail olunmuş, maliyyə resursları səfərbər edilmiş, Azərbaycan dövlətinin qarşısında duran taleyüklü vəzifələrin həlli üçün əsaslı zəmin yaradılmışdır.
Təsadüfü deyil ki, ölkəmizdəki siyasi sabitliyi və iqtisadi nailiyyətləri əsas götürərək “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən 2007-ci ilin fevralında Azərbaycan Respublikasının kredit reytinqi bir pillə artırılaraq “BB+” səviyyəsinə çatdırılmışdır. “Fitch” reytinq agentliyi tərəfindən müəyyən edilmiş “BB+” kredit reytinqi dövlətimizə beynəlxalq maliyyə icması tərəfindən etimadın daha da artmasının göstəricisi olmaqla yanaşı, borclanma qabiliyyətinin artırılmasına, ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədi ilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına və beləliklə, ölkənin kapital bazarına çıxışının asanlaşdırılmasına münbit şərait yaratmışdır.
Keçid dövrünü yaşayan ölkəmizin iqtisadiyyatının bazar iqtisadiyyatının bütün atributlarını özündə birləşdirən iqtisadiyyata çevrilməsi üçün bir çox struktur islahatları həyata keçirilmiş və keçirilməkdədir. İslahatların davamı olaraq bu gün aktual məsələlərdən biri də dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) ölkə iqtisadiyyatının yüksək inkişaf templərinə uyğunlaşdırılmasını təmin etməkdir. Son illərdə ölkə üzrə bir sıra strateji məhsulların qiymətlərinin və geniş əhatəli xidmətlərin tariflərinin ciddi artımı tətbiq edilməmişdir. Bu da həmin məhsulların istehsalçılarının və xidmət təşkilatlarının maliyyə vəziyyətlərinin daim pisləşməsinə, onların dövlət büdcəsindən asılı vəziyyətdə qalmasına, bir sözlə, onların dövlət yardımları hesabına fəaliyyət göstərməsinə rəvac vermişdir.
İqtisadiyyatda mövcud olan bu kimi boşluqların aradan qaldırılması, ilk növbədə, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, bir sıra mallar və xidmətlər üzrə qiymət tariflərinin həmin xidmətlər üzrə maya dəyərinə çatdırılması, satış və xidmətləri həyata keçirən təşkilatların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Tarif Şurası tərəfindən 2007-ci il yanvarın 8-dən ölkə daxilində neft məhsullarının qiymətlərinin, təbii qazın pərakəndə satış qiymətlərinin, elektrik enerjisinin tariflərinin, sudan istifadə və tullantı suların axıdılması tariflərinin, yol polisi orqanları tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tariflərinin artırılması həyata keçirilmişdir.
Tətbiq edilən qiymət artımlarından vətəndaşların, xüsusi ilə aztəminatlı sosial təbəqənin ciddi zərər çəkməmələri üçün onların sosial müdafiəsinin təmin edilməsi, həmçinin büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən cari ilin yanvarında 14 sərəncam imzalanmışdır.
İmzalanmış sərəncamlarla bu ilin fevral ayının 1-dən minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləği 50 manata çatdırılmış, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, meliorasiya sahəsində çalışanların və dövlət qulluqçularının ayıq əmək haqları orta hesabla 25 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqqı 50 faiz, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 50 faiz, yanvar ayının 1-dən məcburi köçkünlərə ödənilən aylıq müavinətin məbləği 50 faiz artırılmış, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə olunan ehtiyac meyarının məbləği 2007-ci ilin yanvarın 1-dən 30 manatdan 35 manata çatdırılmışdır.
Ölkə Prezidenti tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə yardımı göstərmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılması, habelə Azərbaycan Respublikasının nəqliyyat, yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında müvafiq sərəncamlar imzalanmışdır. Ölkə Prezidentinin yuxarıda qeyd olunan sərəncam və tapşırıqlarından, habelə bir sıra dövlət proqramlarından irəli gələn vəzifələrin həyata keçirilməsi xərclərinə 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat vəsait kifayət etmədiyi üçün büdcədə dəqiqləşdirmə aparılması zərurəti yaranmışdır.
Xaricdən maneələrə baxmayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl cəhdləri, diplomatik məharəti və siyasi iradəsi nəticəsində ölkəmiz üçün mühüm iqtisadi-siyasi əhəmiyyət kəsb edən, Azərbaycandan Türkiyəyə birbaşa dəmir yolu əlaqəsi yaradılmasına xidmət edəcək, dövlətimizin ən əsaslı, geostrateji və iqtisadi kommersiya maraqlarını təmin edən Bakı–Tbilisi–Qars dəmir yolu tikintisi üzrə transmilli layihənin bağlantısı haqqında saziş 7 fevral 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanmışdır. Həmin layihənin maliyyələşdirilməsi məqsədi ilə Dövlət Neft Fondunun vəsaiti hesabına Azərbaycan Respublikasının Hökuməti adından Nəqliyyat Nazirliyi Gürcüstan tərəfinə 200 milyon ABŞ dolları məbləğində kredit verəcəkdir.
Cari ilin iyul ayında həmin layihənin icrasına başlanılmasını nəzərə alaraq Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi xərclərinin 2007-ci il icmal büdcəsində əks etdirilməsi, habelə Dövlət Neft Şirkəti ilə Dövlət Neft Fondu arasında mənfəət nefti üzrə gəlirlərin bölüşdürülməsi ilə bağlı məsələlərin və digər xərclərin tənzimlənməsi üçün icmal büdcədə onun tərkib hissəsi olan Dövlət Neft Fondunun, Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikasının büdcəsində dəyişiklik edilməsi də qaçılmaz olmuşdur.
2007-ci il üzrə ölkənin dəqiqləşdirilmiş sosial-iqtisadi göstəricilərinin təhlili, dövlət və icmal büdcələrinin gəlir proqnozlarının yenidən hesablamaları, eyni zamanda, 2007-ci ildən ötən dövr ərzində ölkədə əldə edilmiş müsbət iqtisadi göstəricilər ilin sonuna kimi dövlət və icmal büdcələrində təsdiq olunmuş artıq vəsaitin daxil olacağına zəmin yaradır. Bu da yuxarıda qeyd olunan həlli vacib məsələlərin maliyyə təminatına imkan verəcəkdir.
Bütün bu müsbət amillər nəzərə alınmaqla, 2007-ci il dövlət və icmal büdcələrində dürüstləşdirilmə aparılması ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədəuyğun hesab edilmiş və müvafiq qanun layihəsi millət vəkillərinin müzakirəsinə təqdim olunmuşdur.
Həmin layihədə 2007-ci il dövlət büdcəsinin gəlirlərinin 435,2 milyon manat artırılması nəzərdə tutulur. Bu da cari ilin proqnozuna nisbətən 8,2 faiz, 2006-cı ilin icrasına nisbətən 49,2 faiz çoxdur. Bu təklif qəbul olunarsa, dövlət büdcəsi gəlirlərinin ilin sonuna gözlənilən ümumi daxili məhsulun tərkibində xüsusi çəkisi 25,5 faiz səviyyəsinə qalxmaqla, 2005-ci ilə nisbətən 3,8 faiz artacaqdır.
Dəqiqləşdirmə ilə dövlət büdcəsi gəlirlərinin 4 istiqamətdə artırılması nəzərdə tutulur: Vergilər Nazirliyinin topladığı gəlirləri 372,6 milyon manat, o cümlədən hüquqi şəxslərin mənfəət vergisini 100 milyon manat, fiziki şəxslərin gəlir vergisini 25 milyon manat, əlavə dəyər vergisini 82,4 milyon manat, aksizləri 149,4 milyon manat, mədən vergisi 15,8 milyon manat, ölkədə neft məhsullarının topdansatış qiymətlərinin artımı nəticəsində Dövlət Neft Şirkəti tərəfindən ixrac edilən neftin respublika daxili topdansatış qiyməti ilə ixrac qiymətləri arasındakı fərqin nəzərə çarpacaq dərəcədə azalması hesabına vergi olmayan sair gəlirləri 112,6 milyon manat azaltmaq, artım və azalmalar nəzərə alınmaqla Vergilər Nazirliyi üzrə real artım 260 milyon manat təşkil edəcəkdir.
Dövlət Gömrük Komitəsinin topladığı gəlirləri 140 milyon manat, o cümlədən ölkəyə gətirilən mallara görə əlavə dəyər vergisini 104 milyon manat, aksizləri 10 milyon manat, gömrük rüsumlarını 25,5 milyon manat, yol vergisini 500 min manat artırmaq; dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə daxilolmaları 15,9 milyon manat artırmaq, vahid xəzinə hesabı qalığının idarəetməyə verilməsindən daxilolmalar üzrə 12 milyon manat, sair gəlirlər üzrə 7,3 milyon manat əlavə gəlir proqnozlaşdırılmışdır.
Artımlardan sonra Vergilər Nazirliyi vasitəsi ilə dövlət büdcəsinə yığılan gəlirlər 4 milyard 240 milyon manat təşkil etməklə, 2006-cı ilin icrasına nisbətən 59,1 faiz, 2007-ci ilin təsdiq olunmuş büdcəsinə nisbətən 6,5 faiz çox olacaqdır. Dövlət Gömrük Komitəsi xətti ilə yığılan gəlirlər 770 milyon manat olmaqla, 2006-cı ilin icrasına nisbətən 49,2 faiz, 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 22,2 faiz artacaqdır.
Dövlət büdcəsi gəlirlərinin artımı vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, qeyri-neft sektorunda yığım əmsalının artırılması, birbaşa vergilərin büdcədə əhəmiyyətli dərəcədə yüksəldilməsi, vergi inzibatçılığının, aksiz mallar istehsal edən müəssisələrdə aksiz borclarının fəaliyyətinin gücləndirilməsi, daxili bazarda və ölkəyə idxal edilən mallara tətbiq edilən vergi dərəcələri arasındakı fərqlərin aradan qaldırılması, dünya bazarında neftin qiymətinin yüksək olması və hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podrat təşkilatları tərəfindən mənfəət vergisinin nəzərdə tutulduğundan daha çox ödəniləcəyi hesabına olacaqdır.
2007-ci il dövlət büdcəsi xərclərinin 600,2 milyon manat artırılaraq 6 milyard 315 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da 2007-ci il dövlət büdcəsinin təsdiq olunmuş xərclərinə nisbətən 10,5 faiz çoxdur. İlin sonuna gözlənilən ümumi daxili məhsulun tərkibində dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 27,9 faizə çatmaqla, 2006-cı ilin icrasına nisbətən 6,5 faiz artacaqdır.
Əlavə tələb olunan xərclərin 72,5 faizi və ya 435,2 milyon manatı büdcə daxilolmalarının artırılması hesabına, habelə 27,5 faizi və ya 165 milyon manatı 2006-cı ilin dövlət büdcəsinin icrası nəticəsində yaranmış büdcə artıqlığı hesabına (profisit 78,6 milyon manat), həmçinin vahid xəzinə hesabında olan sərbəst qalıq hesabına örtülməsi proqnozlaşdırılır. Artımdan sonra dövlət büdcəsi kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 2,4 faiz təşkil edəcəkdir.
Xərclərin bölgüsü zamanı ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinin maddi təminatının yaxşılaşdırılması, o cümlədən əmək haqlarının, pensiya və müavinətlərin, tələbələrin təqaüdlərinin, məcburi köçkünlərin yemək xərclərinin artımı, neft məhsulları və bir sıra kommunal xidmətlər üzrə tariflərin artımı, tələb olunan əlavə xərclərin tənzimlənməsi, kənd təsərrüfatına dotasiyanın ayrılması, ayrı-ayrı sahələr üzrə maddi texniki təminatın yaxşılaşdırılması, infrastrukturların tikintisi və yenidən qurulması, həmçinin bir sıra mühüm dövlət vəzifələrinin maliyyələşdirilməsi məsələləri əsas istiqamətlər kimi ön plana çəkilmişdir.
2007-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə bağlı əlavə xərclərin 189,9 milyon manatı və ya 31,6 faizi cari xərclərə, 410,3 milyon manatı və ya 68,4 faizi əsaslı xərclərə yönəldiləcəkdir. Bu artımdan sonra 2007-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsi xərclərinin 56,8 faizini (3 milyard 590 milyon manat) cari xərclər, 42,5 faizini (2 milyard 681 milyon manat) əsaslı xərclər, 0,7 faizini isə kreditlər üzrə xərclər təşkil edəcəkdir.
2007-ci il dövlət büdcəsinin dəqiqləşdirilməsi ilə bağlı əlavə xərclər funksional təsnifata uyğun olaraq aşağıdakı istiqamətlərə yönəldiləcəkdir. Dəqiqləşdirmə ilə sosialyönümlü tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və idman tədbirləri xərclərinə 129,2 milyon manat vəsait sərf ediləcəkdir. Həmin vəsaitlər bu sahədə işləyənlərin əmək haqlarının, əmək pensiyaların baza hissəsinin, ehtiyac meyarının məbləğinin, Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin rütbə maaşlarının, tələbə və aspirantların təqaüdlərinin artımı ilə bağlı xərclərə, dərman və sarğı ləvazimatının alınmasına, yanacağın qiymətinin artması ilə əlaqədar qaçqın və köçkünlərə verilən yanacağın qiymət fərqinin tənzimlənməsinə, kommunal və kommunikasiya xərclərinin ödənilməsinə və digər zəruri xərclərin maliyyələşdirilməsinə təminat yaradacaqdır.
Kənd təsərrüfatına qayğının artırılması və yol-nəqliyyat strukturunun tənzimlənməsi ilə bağlı ölkə Prezidentinin yuxarıda qeyd olunan sərəncamlarının icrası, həmçinin yanacaq, sürtkü materiallarının, kommunal və kommunikasiya qiymətləri haqlarının artırılması ilə bağlı xərclərin həlli üçün kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, nəqliyyat və rabitə, sənaye və tikinti xərclərinə əlavə 137,6 milyon manat vəsait proqnozlaşdırılır.
Təsdiq olunmuş büdcəyə nisbətən müdafiə, hüquq mühafizə və məhkəmə orqanlarının saxlanılması xərclərinin 45,5 milyon manat artırılması nəzərdə tutulur ki, bu da, əsasən, qiymətlərin artması isə əlaqədar əlavə tələb olunan yanacaq, sürtkü materiallarının, kommunal və kommunikasiya qiymətləri haqlarının ödənilməsinə, iş qabiliyyətini itirməyə görə verilən müavinətlərə yönəldiləcəkdir.
Elm xərcləri istisna olmaqla, ümumdövlət xidməti xərclərinə əlavə olaraq 6,5 milyon manat vəsait ayrılmışdır. Bu gün ən vacib məsələlərdən biri də dövlət başçısının ölkənin həyatı üçün əhəmiyyət kəsb edən bir sıra infrastruktur layihələr üzrə imzaladığı sərəncamlardan və verdiyi tapşırıqlardan irəli gələn maliyyə məsələlərinin həll edilməsidir. Həmin məqsədə, yəni layihələrin maliyyələşdirdiyi dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə olaraq 370,4 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Dəqiqləşdirmədən sonra dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərinin məbləği 1 milyard 917 milyon manat olmaqla onun büdcədə xüsusi çəkisi 3,3 faiz artaraq 30,4 faiz olacaqdır. Əsaslı vəsait qoyuluşu üzrə artımın təxminən 34,8 faizi infrastrukturların, o cümlədən ölkədə enerji proqramının həyata keçirilməsinə, Şəmkir–Gədəbəy avtomobil yolunun tikintisinə, Abşeron və Xızı rayonlarında yaradılacaq sənaye şəhərciklərində infrastrukturların yaradılmasına, Ağcabədi rayonunun qazlaşdırılması ilə bağlı xərclərə, 17,5 faiz müdafiə, təhlükəsizlik, daxili işlər, fövqəladə hallar, sərhəd, gömrük xidməti və digər strukturlar üzrə yeni əsgər kazarmalarının, hospitalın, sərhəd-keçid məntəqələrinin tikintisinə, xüsusi təyinatlı avadanlıqların alınmasına, 5,5 faiz təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələr üzrə sosialyönümlü obyektlərin tikintisi, yenidən qurulması və avadanlıqların alınması xərclərinə, o cümlədən Nizami adına Ədəbiyyat Muzeyinin əsaslı təmiri və daxili tərtibatı ilə bağlı xərclərə, Milli Elmlər Akademiyasının inzibati binasının yenidən qurulması xərclərinə, Klinik Tibb Mərkəzi üçün xüsusi avadanlığın alınması xərclərinə yönəldiləcəkdir. 100 milyon manat vəsait bir sıra dövlət orqanlarında sosial və inzibati təyinatlı binaların tikintisi, əsaslı təmiri, yenidən qurulması və avadanlıqların alınması xərclərinə, o cümlədən Milli Məclisin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Diplomatik Akademiyanın, Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının tikintisi və yenidən qurulmasına, 24,4 milyon manat vəsait isə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin, “Aqrarkredit” Bankın kredit təşkilatının, habelə Gəncə avtomobil zavodunun nizamnamə kapitalının artırılmasına yönəldiləcəkdir. 10 milyon manat vəsait (2,7 faiz) Bakı şəhərinin abadlaşdırılması xərclərinə, 21,9 milyon manat (5,9 faiz) isə digər investisiya xərclərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Yol-nəqliyyat sektorunda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mənzil-kommunal təsərrüfatı xərcləri 5,6 milyon manat, bir sıra zəruri xərcləri ödəmək üçün əsas bölməyə aid edilməyən xidmətlər üzrə xərclər isə 83 milyon manat azaldılmışdır. Söhbət dövlət büdcəsinin Ehtiyat Fondunun azaldılmasından gedir.
Naxçıvan Muxtar Respublikası da daxil olmaqla yerli gəlirlər 11,5 milyon manat və ya 5,9 faiz, yerli xərclər 12,1 milyon manat və ya 1,4 faiz artırılmışdır. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın və motor yağlarının, mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi üçün 3,5 milyon manat, məhkəmələrə inzibati binaların tikintisi üçün 6 milyon manat əlavə vəsait ayrılmışdır.
2007-ci ilin dəqiqləşdirilmiş icmal büdcəsinin gəlirlərinin 477,7 milyon manat və yaxud təsdiq olunmuş büdcəyə nisbətən 6,8 faiz, 2006-cı ilin hesabatına nisbətən 54,8 faiz, xərclərinin 781,2 milyon manat və ya müvafiq olaraq 10,9 faiz, büdcə artıqlığının (profisitin) 447,5 milyon manat olacağı nəzərdə tutulur.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 1 milyard 108 milyon manat olmaqla gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 4,9 faiz təşkil edəcəkdir. İcmal büdcədə xüsusi çəkiyə malik olan dövlət büdcəsi üzrə xərclərin əsas istiqamətləri barədə əvvəldə məlumat verildi.
Qeyd etmək istərdim ki, hörmətli Ziyad müəllimin çıxışında da deyildiyi kimi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin artırılması nəzərdə tutulmayıb. Lakin Dövlət Neft Fondu üzrə nəzərdə tutulmuş 138,5 milyon manat əlavə xərclərin 50 milyon manatı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı xərclərə, 88,5 milyon manatı isə Dövlət Neft Şirkətinə verilən vəsait təşkil edəcəkdir.
Dövlət Sosial Müdafiə Fondu üzrə xərclərin 69,4 milyon manat artırılması nəzərdə tutulur ki, bu vəsait də, əsasən, əmək pensiyalarının baza hissələrinin və bəzi müavinətlərin Dövlət Sosial Müdafiə Fondunun və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərclərinin artırılmasına yönəldiləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bütövlükdə bu dəqiqləşdirmə yuxarıda sadaladığım bir sıra vacib dövlət xərclərinə maliyyə təminatı ilə yanaşı, 2008-ci və sonrakı üç ildə dövlət və icmal büdcələrinin layihəsi üçün daha böyük bazanın yaradılması yolunda öz müsbət rolunu oynayacaqdır. Əminəm ki, hörmətli millət vəkilləri, siz də bu təklifləri bəyənəcək, “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin qəbul olunmasına səs verəcəksiniz. Əvvəlcədən minnətdarlığımı bildirir və diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Müzakirələrə keçirik. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdimatdan və geniş məruzədən, həmçinin bizə təqdim olunan sənədlərdən də görünür ki, Azərbaycanın sosial-iqtisadi inkişafı bu il də uğurla davam etdirilir. Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən, onun komandası tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Prezidentinin hələ 2003-cü ildə müəyyən etdiyi strateji məqsədlər sırasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı uğurla gerçəkləşdirilir və biz bu gün həmin uğurların şahidiyik. Azərbaycanın hər yerində geniş quruculuq, abadlıq işləri gedir. Artıq yolların çəkilməsi, körpülərin salınması, biz sözlə, hələ bizim 5 il bundan əvvəl düşünə bilmədiyimiz işlər vüsətlə həyata keçirilir.
Bakı, Gəncə, Xaçmaz, Əli Bayramlı, Mingəçevir, Naxçıvan kimi böyük şəhərlərin, Daşkəsən, Gədəbəy, Yardımlı, Lerik kimi dağ rayonlarının da inkişafı hamını sevindirir. Təəssüf ki, Azərbaycan müxalifətinin qərəzli qanadına mənsub olan bəzi insanlar bu uğurları ya görmürlər, ya da görmək istəmirlər. Bu onların siyasi korluğudur, siyasi nadürüstlüyüdür. Ancaq neyləyək ki, Azərbaycanın florası və faunası kimi, cəmiyyət də bircinsli deyildir. Belə insanların qərəzliyinə müəyyən həddə qədər dözməyə bizim səbrimiz çatar. Necə deyərlər, niyyətin hara, mənzilin ora. Azərbaycan iqtidarının, Azərbaycan Prezidentinin də niyyəti qüdrətli Azərbaycan yaratmaqdır, Azərbaycan vətəndaşlarına xidmət etməkdir.
Şübhəsiz ki, biz bu gün 2007-ci ilin dövlət büdcəsinə edilən dürüstləşməyə səs verəcəyik, onu qəbul edəcəyik. Hökumətimizə uğurlar arzulayacağıq. Bununla bərabər, 2008-ci ilin büdcəsi artıq hökumətdə işlənilir. Bununla bağlı bir neçə təkliflərimi hörmətli hökumət üzvlərinin və konkret olaraq, maliyyə nazirinin diqqətinə çatdırmaq istəyirəm.
Biz Gəncədən olan 4 millət vəkili ötən ilin sonunda cənab Prezidentə Gəncədəki məktəblərin təmiri ilə bağlı müraciət etmişdik. Bu ilin əvvəlində hörmətli təhsil naziri Misir Mərdanov mənə dedi ki, 8 məktəbin təmiri, o cümlədən əsaslı təmiri məsələləri artıq öz həllini tapıb. Təəssüf ki, bizə təqdim olunan dürüstləşmədə mən həmin məktəblərin adlarını görmədim. Bu məsələyə aydınlıq gətirilməsini istərdim. Əgər həmin məktəblərin təmiri bu il nəzərdə tutulmayıbsa, gələn ilin planına salınmasını xahiş edərdim.
Digər bir məsələ polis işçilərinin maaşı ilə bağlıdır. Burada bəzi çıxışlarda dedilər ki, polis işçilərinin maaşı artırılır. Əslində, yalnız yol polisi işçilərinin maaşı artırılıb. Ancaq Azərbaycanda 50 minə yaxın polis işçisi var və ölkədəki siyasi, iqtisadi, ictimai sabitliyin təminatçılarından biri də polisdir. Həmişə fövqəladə rejimdə işləyən bu orqanın işçilərinin də maaşı respublika üzrə orta aylıq əmək haqqından xeyli aşağıdır. Müqayisə üçün onu demək istəyirəm ki, rayon prokurorunun maaşı rayon polis şöbəsinin rəisinin maaşından 3 dəfə çoxdur. Mən hesab edirəm ki, bu uyğunsuzluğun da aradan qaldırılması məqsədi ilə gələn ilin büdcəsində dürüstləşmə aparılarkən bu məsələ də nəzərdə tutulsa, yaxşı olardı.
Digər bir məsələ isə tez-tez seçicilərin bizim qarşımızda qaldırdığı və burada da səslənən, ancaq hökumət tərəfindən, konkret olaraq, cavablandırılmayan əmanətlərin qaytarılması məsələsidir. Xahiş edirəm, əgər hörmətli maliyyə nazirinin məlumatı varsa, bu məsələ nəzərdə tutulursa, bizə cavab versin. Əmanətlər qaytarılacaqmı, yoxsa qaytarılmayacaqmı? Bu məsələyə birdəfəlik nöqtə qoymağın vaxtı çatmışdır.
Mənim bir təklifim də 2008-ci ildə sanatoriya-kurort sisteminin inkişafı ilə bağlı proqramın maliyyələşdirilməsinə hökumətimizin mövqeyinin öyrənilməsi ilə əlaqədardır. Ümumiyyətlə, mən büdcənin dürüstləşdirilməsini və bizə təqdim olunan qanun layihəsini müsbət hal kimi qəbul edirəm. Layihəyə səs verəcəyəm. Hökumətimizə uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bir az əvvəl dinləməsini keçirdiyimiz 2006-cı ilin büdcəsinə dair yekun hesabatlardan və eyni zamanda, Azərbaycan Respublikasının hazırda müqayisə etməkdə olduğumuz 2007-ci il dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinə dair məlumatlardan aydın oldu ki, iqtisadiyyatımızın inkişafı dönməz xarakter almış və dinamik olaraq yüksəlməkdə davam edir.
Neft sənayesinin, eyni zamanda qeyri-neft sektorunun inkişafı azad bazar infrastrukturunun böyüməsi, respublika üzrə sahibkarlığın geniş vüsət alması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, yeni və mütərəqqi texnologiyalara əsaslanan iş yerlərinin açılması, əhalinin rifahının yüksəlməsi iqtisadi yüksəlişin mütərəqqi amillərindəndir. Əlbəttə, görülən işlər göz qabağındadır və bu istiqamətdə saatlarla danışmaq olar. Lakin vaxtın darlığına görə, konkret olaraq, 2007-ci ilin dövlət və icmal büdcələrinə dair məlumatlarla əlaqədar bir neçə fikrimi burada iştirak edən hörmətli hökumət üzvlərinə və həmkarlarıma çatdırmaq istəyirəm.
Əvvəla, keçən iclasda belə bir fikir səsləndi ki, vəsaitlərin xərclənmə sahələri guya açıqlanmayıb, bəzi həmkarlarım dövlət vəsaitinin haraya xərcləndiyinin məlum olmadığını qeyd etdilər. Hesab edirəm ki, çox mükəmməl və müfəssəl şəkildə hazırlanmış dövlət və icmal büdcələrinə dair məlumat bu subyektiv fikirləri alt-üst edərək dövlət büdcəsinin xərclənmə istiqamətlərinə tam aydınlıq gətirmişdir.
Mən 2007-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitlərin sahələr üzrə bölgüsünü diqqətlə oxudum. İcmalda seçildiyim Zərdab rayonunun adına bir neçə dəfə rast gəldiyimə görə çox sevindim. Bunlardan biri şəhid ailələrinin, həmçinin Qarabağ, Əfqanıstan müharibəsi və Çernobıl əlillərinin mənzil ehtiyaclarının ödənilməsi məqsədi ilə mənzil tikintisi, ikincisi, Zərdab rayonunun Məlikumudu kəndində orta məktəb tikintisidir. Eyni zamanda, cənab Prezidentin sərəncamları ilə sosial-iqtisadi inkişaf ilə bağlı dövlət proqramlarında nəzərdə tutulmuş obyektlərin və şəhərdaxili yolların təmiri və yeni yolların tikintisi də burada nəzərdə tutulmuşdur. Əlbəttə, bütün bunlar böyük dövlət qayğısının təzahürüdür. Mən bunun üçün bütün seçicilərim adından Azərbaycan Respublikasının rəhbərliyinə, cənab Prezidentimizə təşəkkür etmək istəyirəm.
Lakin bununla yanaşı, rayon əhalisini çox narahat edən, düşündürən və Nazirlər Kabinetinin hesabatı zamanı səsləndirdiyim bir neçə sahə üzrə problemi bir daha burada vurğulayaraq, həmin sahələrə diqqət ayrılmasını və bundan sonra hazırlanacaq büdcə layihələrinə onların daxil edilməsini xahiş edirəm. Mən fikirlərimi təsərrüfat sahələri və obyektlər üzrə ayrı-ayrı açıqlayacağam.
Ən əhəmiyyətli məsələ su və kanalizasiya sistemləri ilə bağlıdır. Siz təsəvvür edin ki, min zəhmət bahasına əkilən torpaqlardan məhsul götürmək olmur. Rayonda kanalizasiya sisteminin olmaması yağışlı hava şəraitində çox böyük problemlər yaradır. Buna görə də rayonun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Zərdab şəhərinin və kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılması, artezian quyularının qurulması çox vacibdir.
İkincisi, rayonun qazlaşdırılması məsələsini nəzərinizə çatdırmaq istəyirəm. Rayonun yalnız şəhər əhalisi qaz ala bilir. Nəinki ucqar kəndlərə, hətta şəhərə çox yaxın olan qəsəbə və kəndlərə də bu günə qədər qaz çəkilməyib. Digər vacib məsələ rayonda istismar müddətini başa vurmuş elektrik ötürücü stansiyaların günün tələblərinə uyğun şəkildə yenidən qurulmasından ibarətdir.
İki sahəni də nəzərinizə çatdırmaq istəyirəm. Səhiyyə obyektlərindən danışırıqsa, bizim rayonda bu günə qədər uşaq xəstəxanası yoxdur. Mən bunu da diqqətinizə çatdırmışdım. Eyni zamanda, təhsil obyektləri ilə əlaqədar danışmaq istəyirəm. Əlbəttə, Azərbaycanın digər regionlarında, şəhərlərində olduğu kimi, mənim təmsil etdiyim rayonda da həm dövlət qayğısı ilə, həm də Heydər Əliyev Fondunun təşəbbüsü və qayğısı ilə bu istiqamətdə çox işlər görülür.
Sədrlik edən. Fikrinizi yekunlaşdırmaq üçün bir dəqiqə əlavə vaxt verilir.
J. Əliyeva. Bütün bunlar göz qabağındadır. Lakin bununla bərabər, yeni məktəblərin tikintisinin də nəzərə alınmasını xahiş edirəm. Mən başa düşürəm ki, çox təklif irəli sürdüm. Lakin bunlar çox vacibdir. Mən xahiş edirəm, bütün bunları hökumət üzvləri nəzərə alsınlar. Ümumilikdə mən də bu layihəyə səs verəcəyəm və digər həmkarlarımı da səs verməyə dəvət edirəm.
Sədrlik edən. Çox sağ olun, Jalə xanım. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Cənab Sədr, mən də “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini təhlil edərkən məmnuniyyət hissi duyuram. Büdcə sosialyönümlüdür. Təhsil ocaqlarında, mədəniyyət ocaqlarında yenidənqurma dövrü başlayır. Şübhəsiz ki, biz bu qanun layihəsini dəstəkləyəcəyik.
Mənim də hörmətli Samir müəllimə bir neçə təklifim var. Əvvəla, vəsaitlərin sahələr üzrə bölgüsünü təhlil edərkən hərdən hiss edirsən ki, bu vəsaitlərin əsas həcmi Bakı və Abşeron rayonları arasında bölünüb. Bu da ən çox mədəniyyət və təhsil sahəsində özünü büruzə verir. Mən təhlil elədim, mədəniyyət və turizm obyektlərini saydım. Gördüm ki, 14 iri obyektdə yenidənqurma işləri aparılacaq. Amma bu, Bakı şəhərində yerləşən obyektlərdir. Halbuki rayonlarımızda da mədəniyyət ocaqları var və onlara da diqqət yetirilməlidir.
Masallıda Hişkədərə kəndində zəngin və nadir eksponatları olan Diyarşünaslıq muzeyi var. Bu muzey Azərbaycanın ən zəngin muzeylərindən biridir. Amma siz ora gedəndə görəcəksiniz ki, bu muzey acınacaqlı vəziyyətdədir və hər an uçmaq təhlükəsi var. Eyni ilə 100 şagirdlik orta məktəb də pis vəziyyətdədir, qəza vəziyyətindədir. Mən hörmətli təhsil naziri Misir Mərdanovla birlikdə həmin məktəbdə olmuşam. Mənim yazılı müraciətimdən sonra fövqəladə hallar naziri həmin məktəbin qəza vəziyyətində olmasını təsdiq edib. Bizə söz verilmişdi ki, həmin məktəb mütləq 2007-ci ildə bərpa ediləcək. Ümumiyyətlə, mən sadalanan mədəniyyət və turizm obyektləri sırasında Masallının obyektlərini, demək olar ki, görmədim. Eyni vəziyyəti qaz, su, kanalizasiya problemi ilə əlaqədar da demək olar. Masallıda heç bir obyekt planda yoxdur. Halbuki biz bu barədə yazılı surətdə dəfələrlə Nazirlər Kabinetinə müraciət eləmişik.
Mənə elə gəlir ki, dövlət vəsaitlərinin sahələr üzrə bölgüsü aparılarkən kiminsə hansısa nazirlə yaxşı münasibəti olması təcrübəsindən uzaqlaşmalıyıq və bu bölgünü tarazlaşdırılmış şəkildə aparmalıyıq. Mən xahiş edərdim ki, hörmətli nazirlərimiz deputatların yazılı və əsaslandırılmış müraciətlərinə daha diqqətlə yanaşsınlar və millət vəkilləri ilə daha səmərəli əməkdaşlıq etsinlər.
Samir müəllimə bir sualım da var. Bu il müəllimlərin və həkimlərin vəzifə maaşları artacaqmı? Əgər artacaqsa, nə qədər artacaq? Bu təbəqənin nümayəndələri həmin sualı tez-tez mənə verirlər. Mən özüm müəlliməyəm, institutda dərs deyirəm. Həmişə ali məktəbə gələndə valideynlər məni əhatə edirlər və bir məqamı nazirlərimizə çatdırmağı xahiş edirlər ki, tariflərin artması ilə əlaqədar onların vəziyyəti daha da çətinləşib, üstəlik maaşları aşağıdır. Xahiş edirəm, həmin təbəqənin ehtiyaclarına diqqət yetirək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli qonaqlarımız! Mən də qarşıdan gələn bayram münasibəti ilə hamınızı təbrik edirəm. Minlərlə şəhid olmuş insanlarımıza Allahdan rəhmət diləyirəm.
Mən uzun sürən iclasımızda bir neçə məqama görə vaxtınızı almağı planlaşdırdım. Əlbəttə, bu məqamlar hər şeydən öncə dövlət büdcəsinə edilən dəyişikliklərlə bağlıdır. Bundan qabaqkı iclaslarda da dəfələrlə neft sektorunun inkişafının vacibliyi haqqında məsələlər səsləndirilmişdi. Bu gün dövlətimizin strateji məqsədi məhz enerji daşıyıcılarından gələn gəlirlər hesabına qeyri-neft sektorunun inkişafına təkan verməkdən ibarətdir. Mənə elə gəlir ki, dövlət büdcəsinə təklif olunan dəyişikliklərə fikir versəniz, bu istiqamətdə çox mühüm addımlar atıldığını görərsiniz. Məhz təklif olunan vəsaitin çox hissəsi kənd təsərrüfatına yönəldilmişdir. Əgər ümumi dövlət xidmətlərində dəyişiklik 1,8 faizdirsə, kənd təsərrüfatında bu rəqəm 72 faiz təşkil edir. Bu bir daha onu göstərir ki, indi qeyri-neft sektorunun inkişafında ciddi dəyişikliklər gözlənilir.
Kənd təsərrüfatı ilə yarım milyondan çox insan məşğul olduğu üçün bu sahədə ciddi dəyişikliklər labüddür. Ümumi daxili məhsulda kənd təsərrüfatı məhsulunun həcminin artırılması istiqamətində ən mühüm addım ekstensiv inkişaf yolundan intensiv inkişaf yoluna keçməkdir. Hörmətli nazirimizin qeyd elədiyi kimi, ayrılan vəsaitin müəyyən hissəsi, yəni 80 milyon manatı yanacaq, sürtkü yağlarının xərclərini qismən ödəmək üçün təklif olunur. Mənə elə gəlir ki, vəsaitin qalan hissəsi aqrar sahədə intensiv inkişafa yönəldilməlidir. Bu istiqamət isə birbaşa aqrar elmin inkişafı və yeni texnologiyanın tətbiqi ilə bağlıdır. Hörmətli nazirimizin də burada olmasından istifadə edərək, aqrar elmin inkişafına təkan verəcək bir vəsaitin ayrılmasını xahiş edərdim.
Bizim mütəxəssislərin hesablamalarına görə ölkədə mövcud olan aqrar sahənin maddi-texniki bazasının müasir dünya standartlarına çatdırılması üçün 25 milyon manat vəsait tələb olunur. Heç olmasa, 2008-ci ilin büdcəsi formalaşdırılanda bu vəsaitin nəzərdə tutulmasını xahiş edərdim. Bu, qeyri-neft sektorunun inkişafına mühüm bir təkan ola bilər.
Büdcə dəqiqləşməsində xoş bir məqamı da qeyd etmək istəyirəm. Təmsil elədiyim Şəki rayonunun büdcəsində də bu dəyişiklik 300 min manatdan çoxdur. Əgər xatırlatsaq ki, 5-6 il öncə həmin rayonun büdcəsi cəmi bu qədər təşkil edirdi, onda bunun nə qədər əhəmiyyətli vəsait olduğu nəzərə çarpar.
Bilirsiniz ki, ümumiyyətlə, dünyada iqlimin dəyişilməsi və qlobal istiləşmə ilə bağlı ölkəmizdə də bu il yay fəslinin isti keçəcəyi proqnozlaşdırılıb. Şəhər camaatı sərin yerlərə getmək zorunda qalacaqdır. Bu isə Qərb bölgəsidir, Şimal bölgəsidir və dağ rayonlarıdır. Mən hesab edirəm ki, hökumət bu vəsaitin müəyyən hissəsini hörmətli Cavid müəllimin sərəncamına versə, o da həmin vəsaiti kənd yollarının təmirinə yönəldə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar və hörmətli hökumət üzvləri! “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsindən göründüyü kimi, büdcənin gəlir hissəsi 2006-cı ilə nisbətən 435 milyon manat, yəni 49 faiz çoxdur. Xərclər hissəsinin 600 milyon manat artırılması nəzərdə tutulur ki, bu da 2006-cı illə müqayisədə 66 faiz çoxdur.
Əlbəttə, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, ilbəil respublikamızda iqtisadiyyatımızın maliyyə bazarı möhkəmlənir. Büdcədə olan artım vergilərin yığım məbləğinin çoxalması və dünya bazarında neftin qiymətinin artması hesabına yaranmışdır. Layihə ilə tanış olduqda maddələr üzrə artımlar göstərir ki, həmin vəsaitlər sosial sahəyə, əmək haqqının qaldırılmasına, investisiya layihələrinin maliyyələşdirilməsinə xərclənəcəkdir. Büdcə artımı yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin açılması istiqamətində çox böyük işlərin həyata keçirilməsini reallaşdıracaqdır.
İnvestisiya xərclərinə ayrılan 400 milyon manata qədər vəsait ölkəmizdə bir daha dinamik inkişaf üçün baza yaratmışdır. Büdcəyə olunan əlavələrdən aydın olur ki, yeni yolların və körpülərin çəkilişi, yeni obyektlərin tikintisi və su təsərrüfatında olan problemlərin həlli istiqamətində yeni işlərin görülməsi nəzərdə tutulur.
Təhsil bölməsi üzrə xərclərin 25,1 milyon manat artırılması nəzərdə tutulur ki, bu da, əsasən, təhsil müəssisələrinin, aspirantlara verilən təqaüdlərin artımına, kommunal və kommunikasiya xərclərinin ödənilməsinə yönəldiləcək, bu sahədə aparılan işlərin davam etdirilməsinə kömək edəcəkdir. Səhiyyə xərcləri bölməsi üzrə isə 9,2 milyon manat artım nəzərdə tutulmuşdur ki, bu da səhiyyə sahəsinin davamlı inkişaf etdirilməsinə və əhaliyə göstərilən xidmətin bir daha yüksəlməsinə köməklik göstərəcəkdir.
Kənd təsərrüfatına ayrılan 180 manat isə həmin sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu vəsait, əsasən, yanacaq və mineral gübrələrin dəyərinin 50 faiz ödənilməsi üçün ayrılmışdır. Bu da kənd təsərrüfatı məhsullarının istehsalının artımına, eyni zamanda, fermer təsərrüfatlarının inkişafına təkan verəcəkdir.
Sosial müdafiə, sosial təminat xərclərinin də 84,3 milyon manat artırılması əhalinin müxtəlif təbəqələrinə pensiya, təqaüd və müavinətlərin ödənilməsinə sərf olunacaqdır. Əlbəttə, bu gün büdcə dəyişiklikləri haqqında çox danışmaq olar. Lakin ən sevindirici hal odur ki, büdcəmiz artıq 5 milyard manat olmuşdur. Hörmətli Ziyad müəllim qeyd elədi, vaxt var idi, bizim büdcəmiz 400-500 milyon manat idi. Artıq büdcəmiz on dəfə artıb, 5 milyard dollar olmuşdur. Bu isə bizim dövlət büdcəmizin dinamik artımının bir çox ölkələr üçün nümunəyə çevrilməsi deməkdir.
Sonda qeyd etmək istərdim ki, büdcədə aparılan bu dürüstləşmənin lehinə səs verəcəyəm. Bütün həmkarlarımı da buna səs verməyə çağırıram. Hörmətli millət vəkillərindən inflyasiyanın qorunmasını və istifadə olunmamış ehtiyat mənbələrinin 2008-ci ilin büdcəsində nəzərə alınmasını xahiş edərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Mübariz Qurbanlı və Pənah bəy təkid edirlər. Buyurun, Pənah bəy.
P.Hüseyn. Çox təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri, hökumət üzvləri! Ümumiyyətlə, mən bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Hər halda burada peşəkar iqtisadçılar, maliyyəçilər əyləşib. Gəlin, qəbul eləyək ki, artıq ikinci ildir ki, 5 ay keçəndən sonra büdcəyə yenidən baxılması məsələsi gündəmə gəlir. Bu isə hər halda ciddi planlaşdırmanın olmadığı qənaətini yaradır. Bundan əlavə, “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulur. Hər halda maddənin məzmunundan belə görünür, yəni dövlətin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda belə bir addımın atılması qeyd olunur. Maddənin digər bəndləri də əsas etibarı ilə xərclərin ödənilməməsi baş verdikdə nəzərdə tutulur. O baxımdan arzu edərdim ki, 2008-ci ilin büdcəsi elə tərtib olunsun və proqnozlaşdırılsın ki, yenidən buna baxılmasın.
Xərclərin hər halda ədalətli bölüşdürülməsi məsələsinə bir də qayıtmaq istəyirəm. Respublika Prezidentinin 2005-ci il 14 oktyabr tarixli 144 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına görə Sabirabad şəhərində Toxuculuq fabrikinin yaradılması nəzərdə tutulmuşdu. Heç bir iş görülməmişdir. Sabirabad şəhərində 2005-2006-cı illərdə Təcili yardım stansiyasının inzibati binasının tikilməsi nəzərdə tutulmuşdu. Lakin yenə də heç bir iş görülməmişdir. Sabirabad yolunun əsaslı təmir edilməsi nəzərdə tutulmuşdu. Amma heç bir iş görülməmişdir. Araz çayı üzərində inşaatı yarımçıq qalmış körpünün tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdu. Lakin körpünün axırıncı qalıqları da dağıdılmışdı. Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, sayğacların quraşdırılması işinin sürətləndirilməsi nəzərdə tutulmuşdu. Amma əhali son iki-üç ildə Azərbaycanda 1959-cu ildə işıq verilən dövrdən sonra ən pis elektrik enerjisi təchizatının verildiyi bir dövrə daxil olmuşdur. Halbuki sayğaclar quraşdırılıb, lakin elektrik təminatı dəfələrlə pisləşdirilmişdir. Sabirabad şəhərinin qazla təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə hiss ediləcək heç bir addım atılmamışdır. Nəhayət, Qarasu qaz paylayıcı stansiyasından Sabirabad şəhərinə və rayonun Şirvan zonasındakı kəndlərinə qaz xəttinin çəkilməsi nəzərdə tutulmuşdu. Yenə heç bir iş görülməmişdir. Yəni bizim burada faktlara istinadən söylədiyimiz fikirlər reallığa uyğun gəlir.
İkinci məsələ. Burada bizim əlimizdə Dövlət Statistika Komitəsinin 2007-ci ilin yanvar-aprel aylarında kənd təsərrüfatının inkişafı ilə əlaqədar olan hissəsində əkin sahələri barədə göstəriciləri var. Diqqəti nə cəlb edir? Birdən-birə guya buğda əkilən sahələr 13 dəfə artmışdır. Fantastik bir rəqəmdir. Guya birillik və çoxillik bitkilərin əkin sahəsi artmışdır.
Bizim apardığımız söhbətlərdən məlum olur ki, kənd təsərrüfatına ayrılan 80 milyon manata yaxın vəsait yanacaq məhsullarının alınması üçün nəzərdə tutulur. Bu, mənimsəməkdən başqa bir şey deyildir. Real olaraq, təsərrüfatla məşğul olan kəndliyə həmin ayrılan vəsaitin çatması çox böyük şübhə altındadır. Söhbət gübrəyə ayrılan 20 milyon manat vəsaitdən gedir. Məsələn, mənim seçicilərim müraciət eləyir ki, İmişli rayonunda hansısa firmanın gətirdiyi gübrənin alınması barədə onlara tapşırıq verilib. Halbuki yol xərcinin özü ayrılan vəsaiti zorla ödəyir. Yəni hörmətli Milli Məclis üzvləri, bir daha təkrar edirəm, ciddi faktlar var. Hesab edirəm ki, Nazirlər Kabineti, əlaqədar nazirliklər bunun üzərində ciddi şəkildə işləməlidirlər.
Oqtay müəllim, mən sözümün sonunda bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Bu, bilavasitə bu işlə bağlı deyil. Lakin ölkədə bir sıra şəxslər, seçicilər müraciət edirlər. Prezidentin İcra Aparatından, hökumətdən xahiş edirlər ki, məscidlərdə azanın oxunması ilə bağlı məsələyə aydınlıq gətirilsin. Süni surətdə ölkədə qarşıdurma yaradılmasın. Bütün dünyanın təcrübəsi var. Məsələ həmin təcrübəyə uyğun şəkildə nizama salınsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təkid eləyən yoxdur? Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! Cənab maliyyə nazirimiz və İqtisadi siyasət daimi komissiyasının sədri ətraflı məlumat verdilər. Mən bunların üzərinə bir daha qayıtmayacağam. Deyir, görünən dağa nə bələdçi?
Azərbaycan iqtisadiyyatının inkişafı hansı rayona getsən, hansı yerə getsən, gözlə görünür. Bunun üçün rəqəmlərə baxmaq lazımdır? Bayaq kimsə dedi ki, rəqəmlərdir, nədir... Amma rəqəmlərin dalında insan əməyi dayanır, enerji dayanır, layihələr dayanır, Prezidentin gərgin əməyi dayanır. Bunu dərk eləmək lazımdır. Pənah Hüseyn burada deyir ki, kənd təsərrüfatı geriləyib. Kənd təsərrüfatı geriləyibsə, Sabirabadda niyə bir qarış əkilməmiş yer qalmayıb? Bu yaxınlarda Saatlı–Sabirabad bölgəsində olmuşam. Bir qarış torpaq tapmazsan ki, əkilməsin. İki gün bundan qabaq Zaqataladan gəlirəm. Bir qarış əkilməyən yer yoxdur. İnsanlar əkir, biçir. Deməli, inkişaf var. Bu inkişafı görməyən adama nə desən də, xeyri yoxdur. Bunlar şər-böhtanla məşğuldurlar. Deyir ki, Sumqayıtdakı mağazalarda vergi orqanının işçiləri özbaşınalıq eləyir. Halbuki onlar qanuni yolla vergi toplayırlar. Mən neyləyim ki, sən deputatsan, kimisə himayə edirsən. Vergi toplamasınlar? Vergi, gömrük orqanları büdcəni formalaşdırmaqla məşğuldur. Özbaşına buraxsınlar, xaos yaratsınlar?
Müxalifətin dediklərinin hamısı əfsanədir, böhtandır, iftiradır, yalandır. Bunlara fikir verməmək lazımdır. Amma çox təəssüf ki, bu sözləri deyən adamlar deputat sayılırlar. Deputat təhlil eləməyi bacarmalıdır, iqtisadiyyatdan başı çıxmalıdır. Heç olmasa, nazirə qulaq asın. Detallarla hər şeyi izah edirlər, hər şeyi deyirlər. Nə istəyirsiniz? Azərbaycanda yollar çəkilir, quruculuq işləri gedir. Belə olan şəraitdə böhtan atmağa ehtiyac yoxdur.
O ki qaldı dini amildən istifadə eləmək cəhdinə, dünya təcrübəsindən danışırsınızsa, dünyanın müsəlman ölkələrinin heç də hamısında bu təcrübədən istifadə olunmur. Əgər siz dini ehkamlara, dini niyyətlərə bu qədər inanırsınızsa, onda həmin gücləndiricini, səsləndiricini bir dəfə öz evinizin qabağında qoyun və yatmağa çalışın. Həmin ərazidə yaşayan insanlar bununla bağlı müraciət edir. Hökumət demir ki, azan verilməsin. Azan canlı şəkildə, dədə-baba qaydasında, tarixən formalaşmış qaydada veriləcək. Bundan istifadə eləmək lazım deyil. Bundan narazılıq eləyən də yoxdur. Siz, sadəcə, bundan sui-istifadə eləmək istəyirsiniz. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, maliyyə nazirinin çıxışını şərh eləməyə ehtiyac yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.00 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, üçüncü məsələ “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, deputat həmkarlarım, qonaqlar! Ölkəmizdə sosial müdafiə istiqamətində önəmli işlər görülür. Bu ilin əvvəlində hamınızın bildiyi kimi, minimum əmək haqqı və pensiyanın baza hissəsi artırıldı. Bu da insanlarımızın sosial müdafiəsinə xidmət edir.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı yalnız bir rəqəmi deməklə çalışacağam ki, fikrimi yekunlaşdırım. Fondun büdcəsində bu məqsədlər üçün ayrılan vəsaitlər 69,5 milyon manat çatmır. Bu xərclərin əsas istiqamətləri pensiya ödənişləri ilə, əmək pensiyasının ödənilməsi ilə bağlıdır. Nəzərdə tutulub ki, bunun 39 milyon manatını Sosial Müdafiə Fondu öz imkanları ilə yerinə yetirəcək, 30,5 milyon manat isə büdcədən transfer hesabına əmələ gələcək. Bugünkü dəyişikliyin mahiyyəti bundan ibarətdir. Xahiş edirəm, səs verin.
Sədrlik edən. Səlim Müslümov, buyurun.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il yanvar ayının 22-də əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə mühüm fərman imzalamışdır. Həmin fərmanda 2007-ci il fevralın 1-dən həm əmək pensiyalarının, həm də sosial müavinətlərin artırılması ilə bağlı müddəalar əksini tapmışdır.
Bu müddəaların təmin olunması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu bütün tədbirləri görmüş və fevral ayında əmək pensiyalarının yenidən ödənişini həyata keçirmişdir. Bu artım nəticəsində fond tərəfindən aylıq pensiya ödənişinin məbləği 2006-cı ilin dekabr ayındakı 51 milyon manatdan fərdi pensiyalar da daxil olmaqla, 2007-ci ilin fevral ayında 79 milyon manata çatmışdır. Belə bir şəraitdə fondun büdcəsində nəzərdə tutulmuş xərclərin vaxtında və tam məbləğdə maliyyələşdirilməsi üçün onun büdcəsinə dəyişiklik və əlavələrin edilməsi zərurəti ortaya çıxmışdır.
Ümumilikdə bu dəyişiklikləri üç bloka bölmək olar. Birinci blok əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı olan əlavə xərclərdir. Bildiyiniz kimi, əmək pensiyalarının baza hissəsi fevral ayının 1-dən 40 manatdan 50 manata qaldırılmışdır. Bunun nəticəsində 11 ay ərzində 1 milyon 236 min nəfər təqaüdçünün artan əmək təqaüdünün baza hissəsini maliyyələşdirmək üçün əlavə olaraq 103,8 milyon manat vəsaitə ehtiyac yaranmışdır. Onun 38 milyon manatı bu il iyulun 1-dən əmək pensiyalarının baza hissəsinin 40 manatdan 45 manata qaldırılması ilə bağlı olaraq artıq təsdiq olunmuş büdcədə öz əksini tapmışdır. Qalan 65,8 milyon manat həcmində əlavə maliyyə resurslarına ehtiyac yaranmışdır.
İkinci mühüm vəzifə isə bir sıra müavinətlərin artırılması və ya azaldılması ilə bağlı olan dəyişikliklərdir. Sizə təqdim olunmuş layihədə, gördüyünüz kimi, əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətlərin azaldılması, hamiləliyə və doğuma görə ödənilən müavinətlərin azaldılması, 3 yaşına qədər qulluqla bağlı müavinətlərin azaldılması, eyni zamanda, dəfn müavinətinin azaldılması öz əksini tapmışdır. Ümumilikdə müavinətlərin artırılması üçün 2,4 milyon manat əlavə vəsait tələb olunur.
Nəhayət, üçüncü blok xərclər texniki xərclərdir. Yəni pensiyaların və müavinətlərin xərclərinin artırılması ilə bağlıdır. Onların əhaliyə çatdırılması xərclərinin 0,8 milyon manat artırılması gündəmə gəlmişdir. Bundan başqa, kommunal xərclərin artırılması ilə bağlı olaraq Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının və Əlillərin Sosial Baş İdarəsinin yerli orqanlarının saxlanılması xərclərinin artması ilə əlaqədar müvafiq olaraq 200 min manat və 100 min manat vəsait tələb olunur. Bununla bərabər, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi layihənin maliyyələşdirilməsində Azərbaycan tərəfinin payı kimi əlavə olaraq 137 min manat vəsaitin büdcəyə qoyulmasına ehtiyac yaranmışdır.
Ümumilikdə göründüyü kimi, bütün xərclərin 69,467 milyon manat artırılması üçün əlavə vəsaitə ehtiyac yaranmışdır. Bunun maliyyələşdirilməsi iki mənbədən həyata keçiriləcəkdir. Bunların birincisi məcburi dövlət sosial aktlarıdır. Onların qeyri-büdcə təşkilatı üzrə 42 milyon manat artırılması nəzərdə tutulur. Eyni zamanda, büdcə təşkilatlarının 3 milyon manat azaldılması nəzərdə tutulur. Bu da büdcə təşkilatlarının əmək haqqı fondunda azalma ilə bağlıdır. Həmişə olduğu kimi, yerdə qalan hissənin, yəni 30,5 milyon manatın dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ediləcək transferin artırılması ilə bağlanması nəzərdə tutulmuşdur.
Göründüyü kimi, bütün bunlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə balanslaşdırılmış şəkildə olacaqdır. Onun gəlirləri ilə xərcləri arasında fərq olmayacaqdır. Yəni hər hansı bir kəsir olmayacaqdır. Ümumilikdə bu artımlardan sonra əmək pensiyalarının orta aylıq məbləği 2007-ci ildə 64 manata çatacaqdır ki, bu da ölkə üzrə 2007-ci ilə nəzərdə tutulan orta aylıq əmək haqqının 35,1 faizinə bərabərdir.
Göründüyü kimi, Azərbaycan Avropa Sosial Xartiyasına qoşulan ölkə kimi, əmək pensiyalarının məbləğinin tədricən əmək haqlarının 40 faizinə və ondan yuxarı səviyyəyə çatdırılması üçün ilbəil mühüm addımlar atır. Bu da onu göstərir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi inkişaf strategiyası düzgün, yeganə və alternativsiz bir strategiyadır. Onun reallaşdırılması üçün biz də hər şeyi edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm. Hamınızı qarşıdan gələn 28 May bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu. İclasımız bu gün bitdi.