31.05.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 54
Milli Məclisin iclas salonu.
31 may 2007-ci il. Saat 12.
Milli Məclis Sədrinin birinci müavini
Z. Əsgərov sədrlik etmişdir
İclasda Milli Məclisin 92 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
M. Ağazadə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
İ. Həsənov, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi.
S. Kazımov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik İdarəsi rəisinin müavini.
* * *
Q. Hüseynov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.
T. Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri.
İ. Həbiyev, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Aparatının rəhbəri.
R. Süleymanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müşaviri.
R. Gülmalıyev, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şöbə müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikasının Şinhan Bankı arasında Yevlax–Gəncə Magistral Avtomobil Yolu layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında.
5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə.
6. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi haqqında.
8. Dövlət torpaqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikasının Şinhan Bankı arasında Yevlax–Gəncə Magistral Avtomobil Yolu layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi (birinci oxunuşda).
8. Dövlət torpaqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin
birinci müavini Z. ƏSGƏROV
MİLLİ MƏCLİSİN İCLASI
31 may 2007-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçin.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 93
Yetərsay 83
Yetərsay var. Gündəlik sizə paylanıb, xahiş edirəm, ona münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsi ilə bağlı təkliflər, müzakirələr olacaq. Buyurun, yazılın. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Sabahınız xeyir, hörmətli Məclis üzvləri, hörmətli sədarət! Mən bir neçə məsələyə diqqətinizi yönəltmək istəyirəm. Bizim yaz sessiyası başa çatmaq üzrədir. Ölkənin ictimai-siyasi həyatı ilə bağlı olan bir sıra məsələlər bizim yığıncaqların cari məsələlərə ayrılan vaxtlarında dilə gətirilib, deyilibdir. Onlardan hansı biri nə şəkildə həyata keçirilib, təəssüf ki, sona qədər bizə aydın deyil. Hər halda Milli Məclisin deputatları bir çox məsələlərə diqqəti cəlb eləməyə çalışırlar.
Mən bu gün Azərbaycanda hamını maraqlandıran bir məsələ haqqında danışmaq istəyirəm. Bakının mərkəzində və bir sıra inzibati binalarda ciddi təmir işləri gedir. Bəzən ildə iki dəfə təmir gedir. Küçələrə həm ilin əvvəlində, həm də axırında asfalt döşənir. Bəzən ehtiyac olmadan, gözəl daş üzlükləri olan binalara ikinci dəfə üz çəkilir. Bilirsiniz, bu, bir az əhlikeflik ovqatı yaradır. Rayonlarımızda iş yerlərinin çatışmazlığı barədə düşünürəm. Bu vəsaitin hesabına nə qədər iş yeri açmaq, daha vacib işlər görmək mümkündür. Ən azı Bakıda tələbələr üçün yataqxana, qaçqınlar üçün ev tikmək olar və sair. Ola bilsin, respublikanın iqtisadiyyatı ildən-ilə güclənir və bu artım bəzi məsələlərə, yenidənqurmalara şərait yaradır. Amma yenidənqurma qudurğanlığa çevrilməli deyil. Bakının mərkəzində gözəl daş səkiləri sökməkdən, mərmər səki düzəltməkdən, binaları təzədən ağartmaqdan öncə millətin günü, əhalinin vəziyyəti ağır olan hissəsinin güzəranı haqqında düşünmək lazımdır. Kənd təsərrüfatı haqqında düşünmək, bu sahədə iqtisadiyyatı gücləndirmək, məncə, bunların hamısından daha vacibdir.
Mən diqqəti ikinci bir məsələyə də cəlb etmək istəyirəm. İxtisasca jurnalist olduğuma görə bu sahəni bilirəm və jurnalistlərin hamısına bəraət qazandırmaq istəmirəm. Son vaxtlar Azərbaycan jurnalistikasında, doğrudan da, qeyri-peşəkarlıqdan irəli gələn əndazəsiz yazı-pozu vərdişləri yaranıb. Amma jurnalistlərə qarşı ardıcıl təzyiqlər ölkə haqqında pis təsəvvür yaradır. Bu gün, təsəvvür eləyin, jurnalistlər arasında kütləvi surətdə xarici ölkə səfirliklərinə müraciət eləyənlər var. Axır vaxtlarda Azərbaycandan 30-dan artıq jurnalist xarici ölkələrə çıxıb gedibdir. Mən, əlbəttə, sığınacaq istəyənlərin də hamısına bəraət qazandırmıram. Bunların bəziləri, sadəcə olaraq, şoudur və siyasi məqsədlər daşıyır. Azərbaycan jurnalistikasının bugünkü vəziyyəti bizi hərtərəfli düşündürməli və məmurların kütləvi surətdə onlar haqqında yazanların səsini batırmaq ənənəsinə son qoyulmalıdır. Belə təsəvvür yaranır ki, heç kim haqqında söz demək olmaz. Azərbaycanda məmurlar elə bir şərait yaratmaq istəyirlər ki, toxunulmazlıq olsun, necə istəyirlər, o cür də yaşasınlar. Bunun qarşısı alınmalıdır və belə hallara yol vermək olmaz. Çox sağ olun.
Sədrlik edən. Sabir müəllim, çıxışınızın birinci hissəsinə münasibət bildirəcəyəm. Amma ikinci hissəsi ilə bağlı bir məsələni deyim. Deyirsiniz ki, 33 nəfər xaricə gedib. Biz xarici ölkələrdən birində olanda, təxminən dörd-beş ay bundan əvvəlin söhbətidir, həmin jurnalistlərdən biri ilə rastlaşdım. Onu tanıyırdım, parlament jurnalistidir. Maraqlanıb soruşdum ki, burada neyləyirsən? Mətbuat yazır ki, sən siyasi sığınacaq istəyirsən? Deyir ki, mən hansı adla isə gəlmək istəyirdim, sadəcə, bir bəhanə lazım idi ki, özümü sığortalayım.
Belə gedənlər var. Ona görə 33 nəfər hansı məqsədlə gedib, özü bilər, amma dövlətin adına bunu bağlamayın ki, bizdə onlara pis baxırlar, onları sıxışdırırlar. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən qaldıracağım problemə toxunmazdan əvvəl istəyirəm diqqətinizi bir məsələyə yönəldim. Ümumiyyətlə, təklif edirəm ki, millət vəkilləri müxtəlif məsələlərlə bağlı çıxışa yazılanda, müzakirənin vaxtı əvvəlcədən dəqiqləşdirilib onlara çatdırılsın. Birdən səslənir ki, çıxışlar kəsilsin. Kiminsə vacib təkidinə baxmayaraq, ona söz verilmir. Bu o deməkdir ki, bir çox aktual məsələlərdə millət vəkilləri fikrini bildirə bilmirlər. Siyahıda adam biləndə ki, çıxışı olmayacaq, gözləməz, təkid də eləməz. Kim isə yerindən durub, “mən söz istəyirəm” deyə, hay-küy də salmaz. Mən bu baxımdan məsələnin tənzimlənməsini xahiş edirəm.
Sədrlik edən. Fazil müəllim, söhbət bundan getmir, məsələ çoxdan tənzimlənib. Neçə illərdir, bu təcrübə var.
F. Mustafayev. Büdcə ilə bağlı, başqa məsələlər müzakirə olunanda bilinsin ki, 20 nəfər çıxış eləyəcək, 21-ci gözləməsin. Buna diqqət yetirmək vacibdir.
İkinci, səhiyyə xidməti ilə bağlı yaranmış vəziyyətə dair bir fikrimi çatdırmaq istəyirəm. Ümumiyyətlə, dövlət səhiyyə müəssisələrində mal və xidmətlərin siyahısı, qiymətləri Nazirlər Kabinetinin 2005-ci ilin payızında qəbul olunmuş qərarı ilə tənzimlənir. 18-ci maddədə göstərilir ki, pullu tibbi xidmət növlərinin bu vaxta qədər olan qiymətləri Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir, sonra həmin qiymətlər Tarif Şurasına təqdim edilir və onun tərəfindən təsdiq olunur. İndiyə qədər Nazirlər Kabineti tərəfindən bu qiymətlər müəyyən olunmayıbdır. Qərarda isə nəzərdə tutulur ki, ixtisaslaşdırılmış tibbi xidmətlər mütləq pullu xidmətlər ola bilər və buna qanunvericilikdə icazə verilir.
Çox maraqlı vəziyyət yaranıb. Nazirlər Kabinetinin, Tarif Şurasının qərarı olmadan bütün tibb müəssisələrində özbaşına, müəssisənin istədiyi formada pullu tibbi xidmət qiymətləri müəyyən olunur. Burada əhalinin marağı, sosial vəziyyəti, xəstəliyin yayğınlıq səviyyəsi və müxtəlif məsələlərin heç biri nəzərə alınmır. Xüsusən doğum evlərində qiymətlərin hansı əsaslandırma ilə müəyyən olunmasını təyin eləmək çətindir. Başqa ciddi xəstəliklərin müalicə olunduğu sistemlərdə də bu cür hallar mövcuddur. Hansı xəstəliyə görə kim nə qədər pul alacaqsa, onu özü müəyyən eləyir və bu da olduqca ciddi problemlər yaradır.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də deputat həmkarım Sabir Rüstəmxanlının qaldırdığı məsələ ilə bağlı münasibətimi bildirmək istəyirəm. Bunu bir neçə dəfə parlamentdə bildirmişəm.
Azərbaycanda son illərdə və xüsusən 2007-ci ilin əvvəlindən bu yana jurnalistlərin kütləvi həbsi prosesi gedir. Qəzetlər bağlanır, kütləvi surətdə səfirliklərə müraciətlər olur.
Hörmətli Ziyafət müəllim, Siz münasibət bildirərkən dediniz ki, biz hələ bilmirik, bu jurnalistlər xaricə hansı formada gedirlər. Mən onların nə dərəcədə haqlı, yaxud haqsız olduğunu araşdırmaq niyyətində deyiləm. Amma araşdıracağımız başqa şey var. Bütün bunların hesabına ayrı-ayrı demokratik təsisatların, üzvü olduğumuz beynəlxalq təşkilatların aylıq və illik hesabatlarında Azərbaycanda azad sözə, mətbuata dözümsüzlük mühitinin olması barədə məlumatlar yayılır. Ən azı məmur, millət vəkili, respublikamızın taleyini düşünən insan olaraq fikirləşməliyik ki, bu mühitdə hətta Azərbaycan məmurunun üstünə gedən, bəzən haqsız yazan jurnalistlər üçün də dözümlü şərait olmalıdır. Ona görə ki, bunun vasitəsi ilə Azərbaycana bu və ya digər şəkildə təzyiq edilir.
İkinci, dünyanın əksər ölkələrində Diplomatiya haqqında qanun qəbul olunub, nədənsə, Azərbaycan parlamenti bu qanun layihəsini hələ müzakirəyə çıxarmayıbdır. Belə bir qərar qəbul etmək və bununla da Cinayət Məcəlləsində 107-ci maddəni yeni redaksiyada vermək, 147-ci maddəni bütövlükdə qanundan çıxarmaq lazımdır. Jurnalistin düz, yaxud səhv yazması, haqlı və ya haqsız olması hesabına Azərbaycanın beynəlxalq imicinə ciddi şəkildə ziyan vurulur. Birinci növbədə bunu düşünməliyik. Mən hesab etmirəm ki, tutulan jurnalistlərin hamısı haqsızdır. Onların çoxu elə hakimlərin məhkəmələrdə çıxardığı sifarişli qərarların, azad sözə dözümsüzlük mühitinin nəticəsində həbs olunublar. Ona görə bu məsələni, heç olmasa, Milli Məclis səviyyəsində müzakirə etməliyik. Biz İnsan hüquqları daimi komissiyası olaraq ortaya qoymalıyıq ki, qarşıdan Avropa Şurasının növbəti yay sessiyası gəlir. Azərbaycan ora ən azı bu məsələləri həll etmiş şəkildə getməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu il Azərbaycan mətbuatının yaradıcısı, böyük mütəfəkkir alim, ictimai xadim Həsən bəy Zərdabinin anadan olmasının 170 ili tamam olur. Həsən bəy Zərdabi zamanının, dövrünün çox böyük ziyalısı, millətini ürəkdən sevən çox zəngin bir düşüncə sahibi olubdur. Həsən bəyin Azərbaycan xalqının maariflənməsində, millətin mənəvi dəyərlər sisteminin formalaşmasında xidmətləri misilsizdir. Onun müasirləri tərəfindən “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi, mənəvi atası” adlandırılması da təsadüf deyil. Bu məqsədlə onun zəngin irsinin yenidən araşdırılması, çap olunması, məncə, gələcək nəsillər üçün də faydalı olardı.
Ölkə başçısı cənab İlham Əliyevin başlanğıcını ulu öndərimizdən alan və uğurla davam etdirilən tarixi, milli-mənəvi dəyərlərimizin qorunmasının daşıyıcısı olmuş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımları çox böyük dövlət diqqətinin və qayğısının təzahürüdür. Cənab Prezidentimiz bu yöndə mütəmadi olaraq sərəncamlar imzalayır. Eyni zamanda Heydər Əliyev Fondunun da bu müqəddəs ənənələrə sadiq qalaraq mənəvi irsimizin tətbiqi və təbliği üçün gördüyü işlər misilsizdir. Bir toplum və millət olaraq formalaşmağımızda, özünəməxsus xidmətləri olmuş Həsən bəy Zərdabinin 170 illiyinin dövlət səviyyəsində qeyd olunmasına ehtiyac var. Bu, həm Həsən bəy Zərdabinin şəxsiyyətinə, həm də milli kökümüzə ehtiramdan irəli gələn ehtiyacdır.
Hörmətli Ziyafət müəllim, məsələ ilə bağlı olaraq mənə çoxlu müraciətlər də olubdur. Mən də müraciətlərə istinadən və şəxsən öz adımdan Sizdən xahiş edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılsın. Sözümə onu da əlavə etmək istəyirəm ki, Həsən bəy Zərdabi Dumada təmsil olunan ilk azərbaycanlı millət vəkili idi. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Ötən iclasdan keçən müddətdə məscidlərdə azan verilməsi ilə bağlı məsələnin müsbət həll olunması çox yaxşı qarşılanmışdır. Heç şübhəsiz, bu, təqdir olunmalıdır. Yeri gəlmişkən dini etiqadla əlaqədar anlaşılmazlığın aradan qaldırılması üçün mən təklif edirəm ki, həm ali, həm də orta məktəblərdə islam tarixi və mədəniyyətinin təbliği məsələsinə diqqət artırılsın. Bu sahədə müasir dərsliklərin hazırlanması üçün tədbirlər görülsün. Dediyim məsələ müsbət həll olunsa, dinimiz barədə geniş təsəvvür yaranar.
Çox təəssüf ki, jurnalistlər, söz və mətbuat azadlığı ilə bağlı son dövrdə olduqca kəskinləşmiş məsələ ortaya çıxmışdır. Birinci məsələ göstərdi ki, siyasi iradəmizi haqlı eləyəndə operativ və çevik şəkildə ən çətin görünən məsələlər də həll edilir. Mən dövlətin siyasi iradəsini çox təcili şəkildə jurnalistlərlə, söz və mətbuat azadlığı ilə bağlı məsələyə müdaxilə etməyə çağırıram. Yeri gəlmişkən ayın 12-də jurnalistlərin söz və mətbuat azadlığına həsr olunmuş yürüşü keçiriləcəkdir. Bu barədə icra hakimiyyəti orqanlarına müraciət olunubdur. Mən arzu edirəm ki, həmin yürüşə qədər bir çox məsələlər həll olunsun. Yürüş etiraz mitinqi kimi yox, narahatçılıq doğuran məsələlərin müsbət həlli və nailiyyətlərin qeyd olunması kimi keçirilsin. Yeri gəlmişkən bütün millət vəkillərini həmin mitinqdə iştirak etməyə dəvət edirəm.
Hörmətli millət vəkilləri! Keçən iclasda Qarabağ məsələsi barədə bu sessiyanın sonuna qədər dinləmələrin keçirilməsi təklifləri səslənmişdi. Mən bir daha həmin təkliflərə qayıdıram. Çünki məhz son həftədə bir sıra siyasi partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən Qarabağ məsələsinə həsr olunmuş tədbirlər keçirilmişdir. Mən onların bir çoxunun iştirakçısı olmuşam. Bu tədbirlərdə dövlət başçısının “Biz reallığı lazım gəlsə, müharibə yolu ilə dəyişə bilərik” fikri də səslənibdir. Müharibə yolunda Azərbaycan Respublikasının bəyanatları ciddi şəkildə müzakirə olunubdur. Müzakirələr zamanı əksəriyyətin rəyi belə olubdur ki, həqiqətən, belə bir məsələyə ehtiyac vardır və Azərbaycan dövləti, xalqı, silahlı qüvvələri torpaqlarımızın azadlığı və ərazimizin bütövlüyü uğrunda Vətən müharibəsinə səfərbər olunmalıdır. Mən müxalifəti təmsil edən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının əhəmiyyətli hissəsinin bu barədə rəyini bildirirəm. Qarabağ məsələsi barədə açıq, hətta lazımdırsa, qapalı dinləmələrin bu sessiyanın axırınadək təşkil edilməsini təklif edirəm.
Sonda Kür və Araz çaylarının daşqını ilə bağlı məsələyə toxunmaq istəyirəm. Kürqırağı və Arazqırağı yaşayış məntəqələrinə ciddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi üçün Maliyyə Nazirliyindən və digər hökumət orqanlarından...
Sədrlik edən. Aydındır. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Mən üç məsələyə toxunmaq istəyirəm. Birinci, üst-üstə götürəndə 20-dən artıq təklifi deputat həmkarım Vahid Əhmədovla birgə təqdim eləmişik. Onlardan yalnız biri, Xocalı ilə bağlı məsələ lazımi səviyyədə reallaşıb. Ona görə təşəkkür edirəm, amma xeyli dərəcədə ciddi xarakter daşıyan məsələlər var ki, onlar kənarda qalıb. Qanunvericiliklə bağlı Maliyyə nəzarəti, Vergi sisteminin təkmilləşməsi barədə qanunları qəbul etmək həm aşağı təbəqənin, həm də orta təbəqənin xeyrinə olardı. Vergi yükünün azaldılması ilə bağlı xeyli dərəcədə təklifləri payız sessiyasına çıxarmaq işin xeyrinə olar.
İkinci məsələ bilavasitə deputat həmkarım Fazil Mustafayevin qaldırdığı məsələnin digər tərəfidir. Düzdür, səhiyyə ilə bağlı qiymətlərin müəyyənləşməsində bir nizam yaranır. Amma ikinci tərəfdən siyahı məsələsində problemlər hələ də var. Ona görə də pulu, imkanı olmayan xeyli insanı nəzərə almalıyıq, onlara kömək etməliyik. Hesab edirəm ki, həmin siyahıya yenidən baxılması, aşağı təbəqənin müalicəsi üçün əlavə vəsaitin ayrılması vacibdir. Elə götürək büdcəni, 2006-cı ildə təkcə səhiyyədə 21 milyon manat əlavə vəsait qalıb. Vəsait varsa, bu problemi həll eləmək olar.
Üçüncü məsələ. Buna Milli Məclis mütləq reaksiya verməlidir. Yenə də işğal olunmuş ərazilərdə növbəti dəfə yanğınlar başlayır. Bu məsələni biz diqqətdən kənarda saxladıqca, erməni tərəfinin azğınlığı daha da artır. Onlar daşıyanını daşıyır, dağıdanını dağıdır, apara bilmədiklərini də yandırırlar. Bir misal çəkim. Bilavasitə Qarabağda işləyən şirkətlərin sayı 20-yə yaxınlaşır. Onlardan birinin – Kanada şirkətinin Söyüdlü yatağında gördüyü işlərdə Azərbaycanın payını götürsək, bu, 73 faiz təşkil edir. Mən hesablama aparmışam. İndiki qiymətlərlə, reaksiya vermədikdə, bizə 600 milyon ABŞ dolları məbləğində ziyan dəyir. Hesab edirəm ki, artıq beynəlxalq konvensiyalarda da biz haqlıyıq. Beynəlxalq məhkəmə imkanlarından istifadə edib, həmin işğalçıları bütün parametrlərlə yerində oturtmağa imkan var. Buna parlamentin reaksiya verməsini və əlaqədar təşkilatlara bu istiqamətdə müraciət etməsini vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən diqqətinizi tamamilə başqa istiqamətə – beynəlxalq siyasətin ölkəmizlə bağlı mühüm məqamlarına çəkmək istəyirəm. Son dövrlərdə baş verən hadisələrdə bunun xüsusi yeri var.
Amerika Birləşmiş Ştatlarında Dövlət Departamentinin 2006-cı ildə Dünya dövlətlərində insan haqları haqqında hesabatına iki dəfə dəyişiklik edilmişdir. Birinci dəyişiklikdən sonra hətta hamıya məlum olan Metyu Brayz bunu nadir hadisə kimi dəyərləndirmişdir. Amma dəyişikliyə dəyişiklik, mən hesab edirəm ki, fövqəladə bir hadisə kimi dəyərləndirilməlidir. İndi bu düzəlişin yenidən götürülməsi və onda əvvəlki səhv formada düzəliş aparılması bir çox beynəlxalq siyasətçilər tərəfindən təhlil olunmaqdadır. Bu dəqiqə siyasətçiləri düşündürür ki, fövqəl dövləti bu dəyişikliyə getməyə nə vadar etmişdir? Mən hesab edirəm ki, birinci dəyişiklikdən sonra dövlətimizin siyasi rəhbərliyi tərəfindən ortaya çox ciddi mövqe qoyuldu. Azərbaycan iqtidarı göstərdi ki, gənc, kiçik, hətta ciddi ərazi problemi olan dövlətimiz dünyanı istiqamətləndirən dövlətlərlə münasibəti milli maraqlarımız mövqeyindən qurmaq gücündədir. Azərbaycan bu gün hətta fövqəl dövlətləri öz mövqeyi ilə hesablaşmağa vadar edəcək bir çəkiyə malik olduğunu ortaya qoyur. Ölkəmiz dünya üçün mühüm əhəmiyyət kəsb edən bir dövlətə çevrilibdir. Dünyanın super güclü dövlətlərinin indi Azərbaycana ehtiyacı var. Bu dövlətlərin hamısı onu yanında görmək istəyir və bu yolda öz nüfuzu ilə oynamaqdan belə çəkinmirlər.
Hörmətli həmkarlarım, yəqin ki, razılaşarsınız, ölkəmizin xarici siyasət konsepsiyasında üç mühüm istiqamət – qərb, şimal (Rusiya), cənub (İran) milli maraqlarımız nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir. Birinci istiqamət barədə mən qeyd etdiyimə yalnız bir məqamı əlavə etmək istərdim. Bu dəqiqə qərb həyatı üçün vacib məsələ enerji təhlükəsizliyidir. Ölkəmiz apardığı siyasət nəticəsində bu konsepsiyanın mühüm oyunçusuna çevrilmişdir.
İkinci istiqamət üzrə ölkəmiz tam və bərabər hüquqlu dövlət kimi çıxış edir. Mən deyərdim ki, milli maraqlarımız üçün təhlükə hiss etdikdə belə, biz hətta sərt siyasət aparırıq. Qışda şimal qonşumuz öz enerji daşıyıcılarından ölkəmizə və özünün yaxın strateji qonşusuna siyasi təzyiq vasitəsi kimi istifadə etmək istədi. Bu məqamda ölkəmizin yeritdiyi siyasət cəsarətli bir addım idi. Bu günlərdə yenə “Bolşaya Ensiklopediya” ətrafında olan məqamlarda ölkəmiz mövqeyini göstərdi və nəşrin dayandırılması məsələsini bir daha ortaya qoydu.
Sədrlik edən. Təşəkkür edirəm. Arzu Səmədov.
A. Səmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də sizin diqqətinizi bir neçə vacib problemə yönəltmək istəyirəm. Bu yaxınlarda mən saytlarda dünyanın 315 şəhəri arasında müşahidə aparılması, sanitariyanın vəziyyətinə və ətraf mühitin çirklənməsinə görə Bakının dünyanın ən zibilli şəhəri elan edilməsi faktına rast gəldim. Bakının meri Suraxanıda icra başçısı olanda oradakı zibil qutularını rənglədiyinə, o rayonun küçələrini zibildən təmizlədiyinə görə belə bir yüksək vəzifəyə gətirildi. Amma deyəsən, iş tərsinə gətiribdir. O, paytaxta işə gəldikdən sonra Bakının özü zibilxanaya dönübdür. Bəli, bu gün bizim Bakı dünyanın ən zibilli şəhəridir. Hesab edirəm ki, Bakı meri Hacıbala Abutalıbovdan bu şəhəri nəyə görə zibillədiyi barədə hesabat alınmalıdır.
Daha vacib olan başqa bir məsələ ilə bağlı qətiyyətlə onu bildirmək istəyirəm ki, belə biabırçı hallar yalnız bizim şəhərimizdə baş verir. Sizə açıq deyim ki, bu cür vəziyyətlərdən artıq sıxılırıq. Nə qədər gerilikdən danışmaq, beynəlxalq təşkilatların siyahısında axırıncı yerdə olmaq və bunun qayğısını çəkmək olar? Elə məsələlər var ki, onların qarşısını almaq, vaxtında da həll etmək mümkündür. Amma yetər ki, bunun üçün bir cəhd olsun.
Demək istədiyim bir problem ondan ibarətdir ki, bütün meydanlarda, küçələrdə, dayanacaqlarda, xüsusən də metro çıxışlarında saysız-hesabsız audio materiallarının satış nöqtələri var. Hərə küçəyə bir-iki səsgücləndirici qurğuları çıxarıb çox gur, qulaqbatırıcı səs verməklə öz mallarını reklam edir. Nəticədə şəhər əsl dəlixananı xatırladır. Şəhər sakinlərinin rahatlığı ilə əlaqədar qurumlar hara baxır? Səs-küydən qulaq tutulur. Bunun üstünə avtomobillərin əcaib səs siqnallarını da əlavə etsək, görün, necə acınacaqlı mənzərə yaranır. İnanın ki, bu cür mənzərələrlə biz başqalarının gözündə qeyri-ciddi xalq kimi görünürük.
Şəhərdaxili mikroavtobuslarda sərnişinlər biabırçı musiqi sədalarını eşitməkdən az qala cana doyublar. Hansı avtobusa minirsən, qulaqlarını tutmaq istəyirsən. Bircə ölkə göstərin ki, orada ictimai nəqliyyatda çal-çağır olsun. Bəla ondadır ki, səs-küy az imiş kimi, həm də camaatın zəhləsini mənasız, qeyri-ciddi, sənətə, mədəniyyətimizə xas olmayan lent yazıları ilə tökürlər. Təsəvvür edin ki, avtobusda kiminsə uşağının kiçik toyunda yazılmış kaset oxudulur. Bəli, camaat da buna qulaq asmaq məcburiyyətində qalır.
Məncə, şəhər rəhbərliyi yubanmadan audio materialların satış qaydalarını müəyyənləşdirməlidir və yol-patrul xidmətləri ilə birlikdə avtomobillərdə səs siqnallarının standartlara uyğunlaşdırılmasını təmin etməli, ictimai nəqliyyatda biabırçı çal-çağırı birdəfəlik yığışdırmalı, onlara qadağa qoymalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Arzu müəllim, dediyiniz çal-çağır yığışdırılandan sonra, bax, burada tribunadan yenə də deyərsiniz ki, camaatın musiqiyə qulaq asmaq hüququ pozulub. Çox maraqlıdır, gah belə deyirsiniz, gah da elə. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Bu yaxınlarda büdcəyə dəyişikliklər və əlavələrdə qanunverici orqanlara əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulubdur. Çox təəssüf ki, biz bu dəyişikliklər və əlavələrin müzakirəsində səfərdə olduğumuza görə iştirak edə bilmədik. Mən hesab edirəm ki, artıq vaxtı çatıb və biz qanunverici orqanda əmək haqqı siyasətinə yenidən baxmalıyıq.
Ola bilməz ki, Milli Məclis üzvlərinə xidmət edən, onların işinin təşkili ilə məşğul olan Aparatın vəzifəli şəxsləri millət vəkillərindən çox maaş alsınlar. Yaxud Milli Məclisin, nazirliklərin şöbə müdirlərinə dövlət avtomobili verilib. Bəzən qeyri-rəsmi söhbətlərdə bildirilir ki, deputatların şəxsi avtomobilləri var, ona görə də hal-hazırda buna ehtiyac yoxdur. Həmin o nazirliyin şöbə müdirlərinin də şəxsi avtomobilləri var. Hətta mənzil- istismar idarələri müdirlərinin də şəxsi avtomobilləri var. Məncə, qanunverici orqanın üzvlərinə münasibət dəyişməlidir. Yaxud dövlət hakimiyyətinin digər qanadlarında çalışan vəzifəli şəxslərin əmək haqları millət vəkillərindən artıqdır. Gəlin, biz millət vəkillərinə qardaş Türkiyədəki əmək haqqının, heç olmasa, yarısını verək. Mən hesab edirəm ki, məsələyə Milli Məclisin rəhbərliyi yenidən qayıdıb baxsa, yaxşı olar. Azərbaycanın maliyyə imkanları da buna imkan verir.
Burada jurnalistlərlə bağlı bir məsələ qaldırıldı. Mən də o fikri dəstəkləyirəm ki, jurnalistlərin bəziləri elə yazılar yazırlar ki, onu heç cür təqdir eləmək olmaz.
Mən də qətiyyətlə onların yazdıqları, ona görə məhkum olunduqları pis niyyətli yazılarını pisləyirəm. Amma onların, belə deyək, o təhqiramiz yazıları Hüseyn Abdullayevin Milli Məclisdə söylədiyi təhqirdən heç də kəskin olmayıb. Amma ona münasibətdə məhkəmədə humanist addım atıldı. Ona azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza verildi. Hər halda onlar həmin söyüşdən kəskin olmayan yazılar yazıblarsa, onlara münasibətdə də bizim məhkəmə sistemi daha yüngül cəzalar tətbiq edə və onları azadlığa buraxa bilər. Onu da nəzərə almaq lazımdır ki, bunları beynəlxalq təşkilatlar da tələb edir. Biz dövlətçiliyə qarşı çıxan Əlikram Hümbətov kimi şəxsi məhz beynəlxalq təşkilatların təkidi ilə azadlığa buraxmışıq. Mən güman edirəm ki, həmin jurnalistlərin azad edilməsinin də vaxtı çatıb. Qaldı azanla bağlı mən də o fikirdəyəm ki, bizim mollalar özlərinə əziyyət verməli, məscidin minarəsinə çıxmalı və oradan canlı səslə namaza çağırmalıdırlar. Yoxsa daha indiki kimi yox.
Sədrlik edən. Təşəkkür edirəm. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mənim millət vəkili seçildiyim Xətai rayonundakı 34-cü dairənin ərazisində sovetlər dövründən qalma 30 ailəli bir yataqxana var. Orada 15, 20, 25 il birotaqlı mənzillərdə yaşayanların bəziləri baba, nənə olubdur. Onların ev növbəsi ilə mənzil almaq şansları isə sıfıra bərabərdir. Binanın sakinləri üçün borclar əvvəllər böyük idarə və müəssisələr tərəfindən ödənilirdi. İndi həmin idarə və müəssisələr ləğv olunub, amma borclar, dediyim kimi, qalır. Hər ailənin 400, 500, 600 manat köhnədən qalan borclarını hələ də silmirlər.
Cari ödəmələrinə baxmayaraq, sakinlərin işıqlarını iki gündən bir söndürürlər. Binaların çoxunda qaz da yoxdur ki, heç olmasa, ondan istifadə etsinlər. Üstəgəl bu ailələr üçün sayğac da qoymurlar. Ailəvi yataqxanalarda yaşayanların əksəriyyəti işsizdir. Otaqların bəzilərini özəlləşdirmək istəyirlər, amma hərəsindən 500 manat rüşvət tələb edirlər. Biz bu yaxınlarda rəy sorğusu keçirdik, təxminən 200 adamın fikrini soruşduq. “İşıq borcunu ödəyə bilmirik” deyən sakinlər köhnə borclar barədə də məsələ qaldırmağı tələb edirdilər. Mən təklif edirəm ki, Milli Məclisin Sosial siyasət daimi komissiyasında bu spesifik təbəqənin vəziyyəti ilə bağlı dinləmələr keçirilsin və hökumətin diqqəti bunların problemlərinə cəlb edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilmirəm, sessiyanın qurtarmasından, ya da havadandır, burada müxalifətin bəzi nümayəndələrinin obyektiv çıxışlarına rast gəlirik. Bir neçə məsələni çıxmaq şərti ilə elə problemlər qaldırılır ki, onlar bütün deputatların maraq tədqiqatında olan məsələdir. Biz birinci dəfədir ki, belə bir halın şahidiyik. Hesab edirik ki, gələcəkdə də bu cür yönümdə çıxış etsələr, daha məqsədəuyğun olar. Burada səslənən məsələlər ilə bağlı mən də fikirlərimi söyləmək istəyirəm.
Birinci, hesab edirəm ki, “Dini etiqad azadlığı” haqqında Qanuna biz yenidən baxmalıyıq. Dövlət strukturlarında attestasiyalar gedir, bununla insanlar işə götürülürlər. Artıq bu, dövlətin prinsipidir. Dindarlar arasında attestasiya keçirilməsi, o təbəqəni təmsil edə biləcək insanların savad və bilikləri ilə bu işlə məşğul olmağa cəlb edilməsi məqsədəuyğun olardı. Çünki məişətimizdə hər birimizin qarşılaşdığı əsas məclislərin aparıcısı onlardır. Ona görə həmin qanun layihəsinə Məclisin iclasları uzanacaqsa, bu dəfə uzanmazsa, payız sessiyasında baxılmalıdır.
Burada mənim həmkarlarım yenə mətbuat haqqında məsələ qaldırdılar. Ziyafət müəllim, Sizin dediyinizlə mən tamamilə razıyam. Bir çox jurnalistlər özlərini başqa millətin nümayəndəsi kimi təqdim edərək xaricdə özlərinə sığınacaq axtarırlar. Bunu onun yaradıcılıq qabiliyyətinə pis münasibət, ona qarşı bir repressiya kimi başa düşmək lazım deyil. Sadəcə olaraq, bu adam heç bir işin sahibi deyil, əlindən heç bir iş gəlmir. Etikadan, milli dəyərlərdən, qanunverici orqanın tələblərindən uzaq bir-iki məqalə yazmaqla onlar özlərini hər hansı bir repressiyanın qurbanı kimi təqdim etmək istəyir və bununla əlaqədar xaricdə sığınacaqlar axtarırlar. Xaricdə sığınacaq almaq istəyənlər kimlərdir? Axtarsan, görürsən ki, milliyyətində də qarışıqlıq var, ali təhsili yoxdur, heç bir qabiliyyətə malik insan deyil. Birtəhər başını girləməkdən ötrü hansı bir yerdə isə sığınacaq alır. Baxın, görün, Azərbaycanda azad mətbuat olan “Exo”, “Zerkalo”, “525-ci qəzet”lərdən hansı jurnalistə qarşı təzyiq olub? Olmayıb, çünki onlar müstəqil mətbuatı jurnalistika səviyyəsindən təqdim edirlər.
Bu gün bəzi siyasi partiya rəhbərləri 5–6 jurnalistin arxasında gizləniblər. Onların cəsarəti çatmır xalq içinə çıxsınlar, ona görə ki, xalq tərəfindən qəbul olunmurlar. Onlar jurnalistlər vasitəsi ilə dövlət məmurlarına, ayrı-ayrı insanlara qarşı böhtanlar yağdırırlar. Bəzi hallarda görürsən ki, birindən pul alıb o birisinə qarşı hansısa mövcud olmayan bir mübarizə metodu seçirlər və sonda da qanun pozulur və onun tələblərinə uyğun olaraq cəza tətbiq olunur.
Belə şeyləri qaldırmaqla, doğrudan da, özlərini ədalətli sayanlar yaxşı olardı ki, yaşadıqları ölkənin nümayəndəsi kimi Qarabağ haqqında məsələ qaldırsınlar. Heç qaçqınların hüquqları yada düşmür. Əgər o adamlar ədalətlidirlərsə, Qarabağ həqiqətlərini unutmasınlar, onlardan bir vətəndaş kimi yazsınlar. Mətbuatda ağa qara deyənlər azərbaycanlı millətindən deyillər. Belələri haqqında qəbul olunan hər hansı qərarı mən haqlı bilirəm. Bu məsələlərə, məncə, diqqətli yanaşmaq lazımdır. Bizim mövqeyimiz konkret olmalıdır ki, onlar da tərbiyə olunsunlar, düzgün yol seçsinlər.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, biz artıq 44 dəqiqədir işləyirik və guya gündəliyi müzakirə edirik. Hər şeydən danışdıq, amma gündəlikdən danışmadıq. Mən bir daha sizi gündəliyin müzakirəsinə dəvət edirəm.
Gündəliyin birinci məsələsi. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsi (üçüncü oxunuş). Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim olunmuş qanun layihəsində dövlət qulluqçularının etik davranış qaydalarının hüquqi çərçivəsi müəyyən edilir.
Ölkəmizin müasir inkişafında dövlət qulluqçularının nüfuzunun artırılması vacib məsələdir. Bu öz növbəsində əhalinin dövlət hakimiyyətinə etimadının artırılmasıdır. Hər bir dövlət qulluqçusu vətəndaşlar qarşısında məsuliyyətini dərk etməli, onlarla etik normalar çərçivəsində davranmalıdır. Düzdür, etik davranış qaydalarını hüquqi cəhətdən tənzimləmək çətindir. Ona görə layihə hazırlanarkən beynəlxalq təcrübə hərtərəfli öyrənilibdir. Layihənin fərqli xüsusiyyətindən biri də ondan ibarətdir ki, bu qanunun III fəslində xüsusi nəzarət mexanizmi yaradılır. Nəzarət funksiyalarını Prezident tərəfindən müəyyən olunan müfaviq dövlət orqanı təmin edəcəkdir.
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsinin ikinci oxunuşu zamanı müəyyən təkliflər səsləndi. Bu təkliflərdən biri işçi qrupunun iclasında müzakirə olunub və onların əksəriyyəti nəzərə alınıbdır. Məsələn, Əhməd Vəliyevin 14.1-ci maddənin dəyişdirilməsi ilə bağlı təklifi nəzərə alınmışdır. Bu maddə yeni redaksiyada verilibdir. Burada dövlət qulluqçularının hədiyyə alması ilə bağlı məhdudiyyət göstərilir, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna istinad olunurdu. Nizami İsgəndərovun təklifi nəzərə alınaraq 6.1-ci maddədə yeni redaksiyada verilibdir. Maddə açıq çıxışlarla bağlı qaydaların həddini də müəyyən edir.
Bir vacib məsələyə də xüsusi toxunmaq istərdim. Nizami müəllim tərəfindən təklif olunmuşdu ki, etik davranış qaydalarının dairəsi 1-ci maddədə genişləndirilsin və qanun normaları bələdiyyə orqanlarının vəzifəli şəxslərinə də şamil edilsin. Düzdür, Azərbaycanda inzibati sahədə aparılan islahatlar bələdiyyələrin icra orqanlarının fəaliyyətini də əhatə edəcək. Lakin biz qanunun predmetini nəzərə alaraq onun dairəsini hədsiz artırmaqdan çəkinməliyik. “Dövlət qulluqçusu” termininin “vəzifəli şəxslər” kimi göstərilməsi aktın dairəsini çox genişləndirə bilməz. Bələdiyyələr sahəsində çalışan qulluqçuların etik davranış qaydalarının digər normativ aktlarla tənzimlənməsi daha səmərəli ola bilər. Müzakirənizə təqdim olunmuş sənədin qəbul olunmasının əhəmiyyətini nəzərə alsaq, bu qanun layihəsini dəstəkləmək vacib məsələdir.
Sonda yadınıza salmaq istərdim ki, ikinci oxunuş zamanı komissiyanın sədri Əli müəllimin söz verdiyi kimi, dövlət qulluğu haqqında normativ aktlar bir kitab şəklində hörmətli millət vəkillərinə paylanılıbdır. Onları tam sayda biz götürə bilmədik. Əlavə kitablar çıxdıqda biz onların hamısını millət vəkillərinə paylayacağıq. Hamınızdan xahiş edirəm ki, bu qanun layihəsinə üçüncü oxunuşda səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 81
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
İkinci məsələ. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). Sosial siyasət daimi komissiyasının üzvü Elmira Axundova, buyurun.
E. Axundova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edənlərin əksəriyyəti bu qanunun aktuallığı, cəmiyyət üçün vacibliyi və labüdlüyü haqqında fikir söyləmişlər. Bununla yanaşı, bəzi millət vəkilləri qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edən bir sıra yeni təklifləri irəli sürmüşdülər. Bu təkliflər işçi qrupunda diqqətlə öyrənilmiş və nəticədə qanun layihəsinə aşağıdakı düzəlişlər edilmişdir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası anlayışını nəzərdə tutan 1.3.3-cü maddədə “sosial mühitə uyğunlaşması” sözlərindən sonra “o cümlədən məşğulluğun təmin edilməsi, müvəqqəti yaşayış yeri ilə təmin edilməsi, təhsilin və peşə hazırlığının təşkili, tibbi yardımın göstərilməsi” və sair sözlər çıxarılıbdır. Bununla da 6-cı maddədə sosial adaptasiya tədbirlərinin dairəsi göstərilmişdir və təkrara ehtiyac qalmayıbdır.
3.1-ci maddədə “cəza çəkməkdən azad edilmiş” sözlərindən sonra “və sosial adaptasiyaya ehtiyacı olan” sözləri əlavə edilmişdir. 5.2-ci maddədə “təhsil və tibb müəssisələri” sözləri “dövlət təhsil və tibb müəssisələri” sözləri ilə əvəz edilib. 6.1.4-cü maddə redaktə edilib və 6.1.5-ci bənd bu maddədən çıxarılıb, müstəqil bir bənd kimi verilmişdir.
7.2-ci maddə 3-cü maddəyə uyğunlaşdırılmışdır. “Qeydiyyata götürülməmiş şəxslər” sözlərindən sonra “habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları” sözləri əlavə edilmişdir. 8.2-ci maddədə, məncə, çox gözəl bir düzəlişdir, “azad edildiyi” sözləri “qeydiyyata götürüldüyü” sözləri ilə əvəz edilmişdir. Bununla da cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiya tədbirlərindən bəhrələnmək imkanları genişlənir. Belə ki, sosial adaptasiya müddəti əvvəlki variantda azad edilmək günündən hesablanırdısa, indi bu müddət qeydiyyat günündən sayılacaq. 11.1-ci maddə yeni redaksiyada verilmişdir. 13.1 və 13.2-ci maddələrin yeri dəyişdirilmişdir.
Bir mühüm düzəlişi də qeyd etmək istəyirəm. 14.1-ci maddədə “minimum aylıq əmək haqqının iki misli məbləğində” sözləri “minimum aylıq əmək haqqının 4 misli məbləğində” sözləri ilə əvəz edilir. Bununla da cəzadan azad edilən şəxslərə ödənilməsi nəzərdə tutulan pul müavinətlərinin məbləği minimum aylıq əmək haqqının iki mislindən 4 mislinə qədər artırılır. Qanun layihəsinin mətnində bir sıra stilistik və texniki xarakterli düzəlişlər aparılmış və layihə müvafiq ekspertizadan keçirilmişdir.
İkinci oxunuşda dəyərli fikir və təkliflərlə çıxış edən millət vəkilləri Fazil Mustafayevə, Lalə Abbasovaya, Ülvi Quliyevə, İlham Məmmədova, Əhməd Vəliyevə və digərlərinə öz minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, parlament üzvləri humanizm və sosial ədalət prinsiplərinə əsaslanan bu qanun layihəsinə yekdilliklə səs verəcəklər. Bu qanun cəmiyyətdə ictimai və mənəvi sabitliyin qorunmasında mühüm rol oynayacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Biz də Sizin bu inamınıza qoşuluruq. Hörmətli deputatlar, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi təqdim edilmişdir. Layihə Milli Məclisin Aqrar siyasət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyalarında baxılaraq Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.
Bu Konvensiya 1987-ci il noyabrın 12-də Strasburq şəhərində Avropa Şurası üzvü olan dövlətlər tərəfindən imzalanaraq qəbul edilmişdir. Konvensiya 7 fəsil və 23 maddədən ibarətdir. Onun qəbul olunmasının əsas məqsədi aydındır. Bütün canlılara diqqət və həssaslıqla yanaşmağı insan mənəvi borcu bilməlidir, çünki ev heyvanlarının insanla xüsusi əlaqəsi vardır. Eyni zamanda, vəhşi fauna növlərinin ev heyvanları kimi saxlanmasının təşviq olunması da məqsədəuyğun sayılır. Bunları və digər məsələləri nəzərə çatdırmaqla Konvensiyada öz əksini tapmış müddəalar üzrə razılığa gəlmək və üzv dövlətlər arasında bu məsələlərdə daha açıq birliyə nail olmaqdır.
Konvensiyanın “Anlayışlar” adlanan 1-ci maddəsində qeyd olunur ki, ev heyvanı dedikdə, insanın xüsusi ilə ev şəraitində fərdi zövq almaq və yoldaşlıq münasibətləri yaratmaq üçün saxladığı heyvan nəzərdə tutulur. Konvensiyanın sonrakı maddələri onun əhatə dairəsi və həyata keçirilməsi, ev heyvanlarının saxlanması prinsipləri, sahibsiz heyvanlar üçün əlavə tədbirlər, informasiya və maarifləndirmə, habelə digər məsələləri əks etdirir. Konvensiyanın 21-ci maddəsində qeyd olunur ki, hər bir ölkə Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə və ya təsdiqetmə sənədlərini saxlanca verərkən 6-cı maddənin və 10-cu maddənin 1-ci bəndinin “a” yarımbəndinə bir və ya daha çox qeyd-şərtlər edə bilər. Digər qeyd-şərtlər edilə bilməz. Bu nəzərə alınaraq təqdim edilən layihədə ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına dair Azərbaycan Respublikasının qeyd-şərti göstərilmişdir. Bu qeyd-şərt ondan ibarətdir ki, Konvensiyanın 21-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndi, yəni ev heyvanlarının quyruğunun kəsilməsi Azərbaycan Respublikasında tətbiq olunmayacaqdır.
Beləliklə, təqdim edilən layihədə nəzərdə tutulan digər maddələr Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə ziddiyyət təşkil etmir. Konvensiyanın göstərilən qeyd-şərtlə təsdiq edilməsi Avropa Şurasının üzvü kimi Azərbaycan Respublikası üçün məqsədəmüvafiqdir. Bu addım həm də üzv dövlətlərlə həmrəyliyə nail olmaqdır. Hesab edirəm ki, hörmətli həmkarlarım qanun layihəsinin qəbul edilməsinə səs verməklə bundan sonra da ev heyvanlarına diqqət və qayğını gücləndirəcəklər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Nə təklif var? Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 91
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikasının Şinhan Bankı arasında Yevlax–Gəncə Magistral Avtomobil Yolu layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Cari il aprel ayının 23-də cənab Prezidentin iştirakı ilə Bakı–Yevlax–Gəncə yolunun yenidən qurulması ilə əlaqədar olaraq Kredit Sazişi imzalanmışdır. Yol 1 nömrəli kateqoriyaya aid edilir. Onun hərəkət hissəsinin eni 15 metr, zolaqların eni 4 metr, ayrıca zolağın eni 5 metr, torpaq yatağının eni isə 28,5–43,5 metrdir. Mən yuxarıdakı parametrləri ona görə sayıram ki, bu, tamamilə yeni, 1-ci dərəcəli texniki standartlara cavab verən yol olacaq. Maliyyələşmə prinsipləri ondan ibarətdir ki, yola qoyulan məbləğ 180 milyon ABŞ dollarıdır. Kredit 14 ilə verilir. Onun 4 ili güzəştli müddətdir. Kreditin verilmə dövrü 2007-ci ilin 23 aprel tarixi ilə müəyyənləşdirilmişdir. Amerika Birləşmiş Ştatları dolları ilə tətbiq olunan kreditin faizləri icranın yerinə yetirilməməsi müddətlərinə görə hesablanır. Bu yolun istifadəyə verilməsi nəticəsində qədim İpək Yolunun ən böyük istiqamətlərindən biri olan Yevlax–Gəncə Magistral Avtomobil Yolu müasir tələblərə cavab verən bir yola çevriləcək. Kredit Sazişində birmənalı şəkildə göstərilir ki, parlamentdə saziş təsdiq edildikdən sonra hər iki tərəf arasında maliyyə münasibətlərini başlamaq və layihənin icrasını təmin etmək olar. Təklif edirəm, məsələ səsə qoyulsun.
Sədrlik edən. Sağ olun. Gültəkin xanım, Sizin əlavəniz varmı? Yoxdur. Onda müzakirəyə başlayırıq. Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Milli Məclis üzvləri! Şübhəsiz, Azərbaycanda sosial-iqtisadi inkişafın ən mühüm vəzifələrindən biri ölkənin abad yollarla təmin olunmasıdır. Hamıya aydındır ki, istər iqtisadi inkişafın, istərsə də sosial vəziyyətin əhəmiyyətli dərəcədə, həlledici şəkildə asılı olduğu məsələlərdən biri abad yolların çəkilməsidir.
İlk baxışdan, xüsusi ilə sovet dövləti dövründə bərbad hala düşmüş yollara nə qədər vəsait ayrılırsa, buna qarşı hansısa bir çıxış etmək və “yollar çəkilməsin” demək məntiqsizlik olardı. Lakin son dövrlərdə yol tikintisi, onların bərpası ilə bağlı yaranmış vəziyyət, bir qayda olaraq, dövlət zəmanəti ilə alınmış kreditlərin yalnız qeyri-istehsal sahəsi kimi yollara, kanalizasiya və su təchizatı kimi məsələlərə həsr edilməsi, şübhəsiz ki, diqqəti cəlb etməyə bilməz.
Mən layihə ilə bağlı konkret iradlarımı və bu məsələ ilə bağlı vəziyyət barədə mülahizələrimi bildirmək istəyirəm. 180 milyon ABŞ dolları bu kreditin ilkin məbləğidir. Onu da nəzərə alaq ki, bunun üzərinə faizlər də gələcəkdir. Bura əlavə dəyər vergisi aid edilmir. Əslində, yolun hər kilometrinin bir neçə milyon ABŞ dollarına başa gəlməsindən danışmaq mümkündür. Mən xatırlayıram ki, Ələt–Qazıməmməd arasında ikizolaqlı, təxminən 40 kilometrlik yola haradasa 40–60 milyon ABŞ dolları arasında vəsait xərclənmişdi. Ona görə bu yolun da çox yüksək vəsaitə başa gəlməsi diqqəti cəlb etməyə bilməz.
62-ci səhifədə qeyd olunur ki, xərclər yalnız layihənin miqyası üzrə nəzərdə tutulan işlərə aiddir. Asiya İnkişaf Bankının əlavə iki zolağın çəkilməsi ilə bağlı aparılacaq işlərə ayırdığı vəsait isə buna daxil deyildir. Ona görə də 69 kilometrlik qeyd olunan yola bu qədər yüksək məbləğdə vəsaitin cəlb edilməsi çox ciddi, şübhəli əsaslar yaradır. Çünki belə məlum olur ki, əlavə iki zolağa və bu yola eyni məbləğdə vəsait cəlb ediləcək.
İpək Yolu hələ başa çatmamışdır və Azərbaycan da çox böyük bir dövlət deyil. Bakıdan Qazaxadək, – sərhədə qədər, – 500 kilometrlik məsafə vardır. Onun bir hissəsi çəkilib qurtarmamış, ilkin dövrdə hazır olan Ələt–Qazıməmməd yolu artıq bərbad hala düşmüşdür. Oradan keçən hər bir kəs bilir ki, həmin yolun bərpasına yenidən böyük məbləğdə vəsait ayırmaq lazım gələcəkdir.
Mən bu yaxınlarda Gürcüstandan Türkiyəyə qədər olan yollardan keçmişəm. Xarici firmalar tərəfindən çəkilmiş həmin yollarla, heç də onlardan az vəsait ayrılmayan bizim yolların keyfiyyəti arasındakı fərqi görməmək, özün-özünə həmin anda bunun səbəbi barədə bir sual verməmək, sadəcə, mümkün deyildir.
Mən burada bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Keçən iclasda bizə paylanan qanun layihəsində Yevlax–Gəncə yolunda 2007-ci ildə görüləcək işlərə əsaslı vəsait qoyuluşu ilə əlaqədar maddələrdə, bir qayda olaraq, bərpa işləri də nəzərdə tutulmuşdu. Mənə elə gəlir ki, yolların yenidən tikilməsinə və qurulmasına ayrılan vəsaitlər bu istiqamətli bütün layihələrdə öz əksini tapmalıdır. Bu qədər böyük vəsaitin əhəmiyyətli bir hissəsini təxminən 16 min kilometr olan qara yolların inşasına ayırmaq, kəndarası, rayonlararası yollara sərf etmək olardı. Bununla qısa bir müddətdə, mütəxəssislərin dediyinə görə iki il ərzində Azərbaycanın bütün bu cür yollarını təmir etmək, bu sahədə böyük irəliləyişə nail olmaq mümkündür. Açıq ifadə edirəm, şəxsən özüm də bilirəm ki, bu bahalıq heç də həmin yolun keyfiyyəti ilə bağlı deyil. Mən neft gəlirlərinin, sadəcə, səmərəsiz olaraq, korrupsiya məqsədi doğuran şübhəli məqamlarını da bura əlavə edirəm. Vəsaitin səmərəsiz məqsədlərlə sərf olunmasına yol vermək olmaz.
Mən bizim yol idarələrinin, Nəqliyyat Nazirliyi mütəxəssislərinin üzərinə bu məsələdə qətiyyən hansısa ciddi şübhələr gətirmək istəmirəm. Lakin iri layihələrlə kreditlər verən müəssisələrdən Azərbaycan hökuməti adından vəsait alan idarələrin, onların vəzifəli şəxslərinin dövlət qarşısında, millət qarşısında bu məsələlərə aydınlıq gətirməsinə, bütün məqamların şəffaflığının təmin olunmasına ciddi ehtiyac vardır.
Mən çox istərdim ki, hörmətli Cavid müəllim də çıxışa yazılıb, deyilən bəzi məqamlara, xüsusən yola ayrılan vəsaitin həddindən artıq baha olması, Asiya İnkişaf Bankının xətti ilə yenə həmin yola iki zolağın çəkilməsi ilə bağlı ayıracağı vəsaitin bu xərclərə daxil edilməməsi kimi məsələlərə aydınlıq gətirilsin. Hesab edirəm, Azərbaycanın öz daxili imkanları, əsas etibarı ilə öz vəsaitləri hesabına bu cür layihələr həyata keçirilsə, daha məqsədəuyğun olardı. Azərbaycanın yolları Ələt–Qazıməmməd yolu kimi çəkiləcəksə, bir daha təkrar edirəm, bu cür bərbad vəziyyətə düşməkdə davam edəcəksə, o zaman bu pulları havaya sovuran müəssisələrdən, təşkilatlardan, vəzifəli şəxslərdən də haqq-hesab soruşmaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Hörmətli deputatlar! Yolun sosial-iqtisadi inkişafda və ölkənin xarici əlaqələrində strateji baxımdan oynadığı roldan çox danışmaq olar. Bu, hamıya bəlli məsələdir.
Hələ qədimdən hər bir dövlət çalışıb ki, həm daxili, həm də başqa ölkələrlə birləşən yollarını həmişə yüksək səviyyədə təmir etsin, yaxşı, rahat yolları olsun. Azərbaycan strateji cəhətdən çox əlverişli bir nöqtədə yerləşir. Ona görə də tarixi İpək Yolunun bərpası vacib bir məsələdir. Zaman gələcək ki, Azərbaycan belə strateji əhəmiyyətli yollara malik olmasına görə xeyli vəsait əldə edə biləcək. Belə bir Sazişin bağlanması təsadüfi deyil. Bu gün Azərbaycan həm büdcəmiz, həm də xarici kreditlər hesabına bu cür yolların çəkilməsinə təşəbbüs göstərir. Bu təşəbbüs, əlbəttə, təqdirəlayiqdir və müdafiə olunmalıdır.
Burada belə fikirlər səslənir ki, çəkilən yollara vəsait çox sərf olunacaq. Əslində, belə deyil. Yollar çox bahadır. Dünyanın hər yerində beynəlxalq standartlara uyğun olan yollar həddən artıq çox xərc tələb edir. Əgər biz şərq–qərb nəqliyyat dəhlizi üzərində yerləşən bir ölkə kimi bundan gəlir əldə eləmək istəyiriksə, təbii ki, beynəlxalq standartlara malik yola sahib olmalıyıq. Əks təqdirdə nəqliyyat yolları və ya dəhlizi bizdən yan keçə bilər. Ona görə də belə kreditlərin alınması lazımdır, çünki dünyanın hər yerində bu cür təcrübədən istifadə eləyirlər. Mən bu Sazişə tərəfdaram və buna səs verəcəyəm. Amma yeri gəlmişkən bir neçə məqama da toxunmaq istəyirəm.
Biz son illərdə yol çəkilişində irəliləyişə nail olmuşuq. Lakin yolların görünməsində müəyyən nailiyyətlərimiz azdır. Yəni çəkilən yolları qorumaq lazımdır və bunun üçün müvafiq tədbirlər görməliyik. Hər yerdə, hər ölkədə yolları qurmaq üçün müvafiq tədbirlər görülür, bununla bağlı qanunlar qəbul edilir. Bizdə də bununla bağlı qanunlar var, amma bu qanunları sərtləşdirmək, daha ciddi tətbiq eləmək lazımdır.
Mən belə məlumatlara malikəm ki, xarici ölkələrdən bizə ağır tonnajlı avtomobillər daxil olur. Ölkəmizin ərazisinə qədər yükü iki avtomobildə gətirir, bizim sərhədə çatanda onu bir avtomobilə yükləyirlər. Bu da bizim yolların dağılmasına gətirib çıxarır. Ona görə biz bu cür sazişlər bağlayanda, yol çəkilişinə böyük təkan vermək istəyəndə onların qorunması ilə əlaqədar qanunlara da nəzər salmalıyıq və bu məsələləri ciddiləşdirməliyik. Digər tərəfdən biz strateji yollara diqqət yetiririk və bunlar, təbii ki, Azərbaycanı xarici ölkələrlə şimaldan qərbə, qərbdən şimala birləşdirir.
Bütün bunlarla bərabər daxildəki yollara da ciddi nəzarət eləmək vaxtı çatıbdır. Elə strateji məntəqələrimiz var ki, həmin yerlərə yolların çəkilməsi zəruridir. Mən millət vəkili kimi təmsil etdiyim Şəmkir rayonunun timsalında bir misal gətirmək istəyirəm. Doğrudur, son illərdə Prezidentin fərmanı ilə Şəmkirin daxili yollarının təmirinə, bərpa olunub yenidən qurulmasına xeyli vəsait sərf olunub və çox işlər görülübdür. Lakin Şəmkirdə Kür qəsəbəsi var. Ölkəmizdə olan ən böyük Şəmkir Su-Elektrik Stansiyası burada yerləşir. Həmin Kür qəsəbəsinə gedən yol son illərdə dağılıb, bərbad vəziyyətə düşübdür.
Dəfələrlə o qəsəbənin sakinləri mənə, digər müvafiq orqanlara müraciət ediblər. Elə bu günlərdə yenə də onlardan məktub almışam və mən həmin məktubu Nəqliyyat Nazirliyinə göndərmişəm. Çox xahiş edərdim ki, Nəqliyyat Nazirliyi bunu nəzərə alsın, strateji məntəqəyə gedən yolun təmirinə lazımi vəsait ayırsın və daxili yolların təmiri istiqamətində ilk olaraq dediyim yerləri də nəzərdə tutsun.
Ola bilsin ki, turizmin inkişafı ilə bağlı çoxlu yollar çəkək. Amma strateji ünvan kimi qeyd elədiyim yerlərdə yolların bərbad olması həmin məntəqələrin iş fəaliyyətinə ciddi və mənfi təsir göstərir. Kür qəsəbəsi yalnız bir yaşayış məntəqəsini yox, həm də çoxlu kəndləri özündə birləşdirir. Ona görə bunu nəzərə almağı Nəqliyyat Nazirliyindən, müvafiq strukturlardan bir daha xahiş edirəm. Yekunda onu da qeyd edirəm ki, biz bu Kredit Sazişinə səs verməli, yaxın 5–10 il ərzində Azərbaycanın yollarını dünya standartları səviyyəsinə qaldırmaqla şimal-cənub və şərq-qərb dəhlizində liderliyi öz əlimizdə saxlamalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov.
V. Ələsgərov. Hamınızdan çox üzr istəyirəm. Birincisi, Ziyafət müəllim, çox sağ olun ki, mənə söz verdiniz. Yenə də elə sazişlər müzakirə olunan zamanda bir neçə dəfə dediyim sözləri təkrar etməyə məcburam.
Gündəlikdə Kredit Sazişinin təsdiq edilməsi yazılıbdır. Bu məsələ ilə əlaqədar müzakirələr açmağa dəyərmi? Axı, burada ondan necə istifadə olunacağından söhbət getmir. Belə olsaydı, onda mən hər şeyi başa düşərdim ki, qiyməti neçəyədir, dəyəri neçəyədir, nə qədər oğurlayır, nə qədər dədəsi evinə, nə qədər bağa aparır. Söhbət ondan gedir ki, Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikasının Şinhan Bankı arasında Yevlax–Gəncə Magistral Avtomobil Yolu layihəsi üzrə Kredit Sazişini burada təsdiq etməliyik. Hə, ya da yox deməliyik.
Bu Saziş artıq imzalanıbdır. Saziş imzalananda kimsə demir, ay Şinhan, mənə bu qədər pul ver, o da gözünü yumub verir. Layihə hazırlanır, ölçülür-biçilir, mütəxəssislər cəlb olunurlar. O cümlədən o biri tərəf buna inanmasa, kredit verən deyil. Elə bilməyin ki, kredit almaq o qədər də asandır. Hökumət bunu imzalayıb. “Hə”, – əlinizi qaldırın, “yox”, – əlinizi qaldırmayın, bununla qurtardı. Nəyi müzakirə edirik? Bu sazişi istifadə eləyib dəyişmək istəyirik? Dəyişək, söz güləşdirək, danışaq, biliyimizi göstərək.
Bilirsiniz, mən bu dəqiqə maliyyə kreditləri haqqında bir mühazirə oxuya bilərəm. Pulumuz nə qədər artıq olsa da, kredit yolu ilə iş görmək daha əlverişlidir. Bir var, bu dəqiqə nağd pulu cibindən çıxarıb harasa xərcləyəsən, onun xeyri nə vaxt gələcək, bilinmir. Bir də var, uzun vədəli kredit götürəsən, əlverişli şərtlərlə öz pullarını daha vacib yerlərə xərcləyəsən. Bu, maliyyə siyasətinin əlifbası yox, əlifbadan da o tərəfə gedən bir hissəsidir. Müzakirəyə ehtiyac yoxdur. Xahiş edirəm, qurban olum hamınıza, gəlin, ciddi, birinci növbədə özümüzə ciddi yanaşaq. Biz Sazişi müzakirə ediriksə, burada nəsə xoşunuza gəlməyə bilər. Beynəlxalq hüquqa uyğun olmayan bir şey varsa, onu deyin. Yoxdursa, müzakirə açmayaq. Belə sazişlər müzakirə olunanda, ona aid sözü olan desin. Yoxsa bunun ətrafında gölməçələr qurmaq ayıbdır. Çox üzr istəyirəm: ya hə, ya da yox.
Sədrlik edən. Aydın müəllim, sualınız var, buyurun.
A. Həsənov. Yollar çəkilir, həqiqətən, gecə-gündüz işləyirlər. Axşam çəkilir, səhər iri qum, beton daşıyan maşınlar 100 metr yolu pis günə qoyurlar. Bunun haqqında nə kimi tədbir görülür? Niyə biri düzəldir, o biri pis günə qoyur. Adamın ürəyi ağrıyır. Mən getdiyim Badamdar istiqamətində gül kimi yol çəkilib. Bir də görürsən, iri maşınlar evlərə beton daşıyır, o yolu söküb dağıdır, bir adam da bunun barəsində təbdir görmür.
Sədrlik edən. Cavid müəllim yazılıb, yəqin, Sizin suallarınıza cavab verəcək. Zahid müəllim, sözünüz var, buyurun.
Z. Orucov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli Məclis üzvləri! Valeh müəllimin qoyduğu çərçivədən kənara çıxmaq ona görə baş verir ki, birinci, cari məsələlərdə hər şeyi demək, bütün məsələlərə toxunmaq olmur. İkinci, parlamentin daxili ənənəsi belə qoyulub ki, biz həmişə məsələnin özündən yox, ətrafından danışmışıq. Ona görə, Valeh müəllim, xahiş edirəm, əsəbiləşməyin.
İş ondadır ki, yol, həqiqətən də, Azərbaycanın beynəlxalq əlaqələrinin mühüm tərkib hissəsinə ona görə çevrilib ki, Azərbaycanın kommunikasiya xətti kimi bundan çoxlu bəhrələnmək imkanları yaranıb. Bu, reallıqda da belədir. Amma burada hörmətli Pənah bəy bəzi məsələlərə şübhə yaratdı. Gündəlikdə olan məsələdən kənara çıxma istəyimiz də ondan doğur. Xüsusi olaraq kimsə sinəsini qabağa verib müdafiə xəstəliyində deyil.
Ümumiyyətlə, şübhə eləmək müxalifətin sanki xarakteridir. Bu, Pənah bəyin yaxın ətrafı içərisində necə ekspertiza edilib, mən, doğrusu, bilmirəm. Yəqin ki, Cavid müəllim deyər, dünyada ya bir kvadratmetr, ya 100 kvadrat-metr ərazidə hansısa qalınlıqda, hansısa standartda normativlər var. Amma Azərbaycan yollarının, Pənah bəy qeyd elədi, keçmiş dönəmdə durumu çox ağır olub. İndi bu yolların böyük bir hissəsi təmirdən, bərpadan keçir, yaxud tamamilə yenidən salınır. Bunlar hamısı yaxşıdır və mənə elə gəlir ki, bunları alqışlamaq lazımdır.
Burada da qeyd olunur, ucuz kredit siyasətindən istifadə eləmək dövlətin ən vacib maraqlarına cavab verir və ən önəmli siyasətindən biri olmalıdır. Həqiqətən də, öz pulunu xərcləmək o qədər də yaxşı siyasət deyil. Amma yol elə bir sahə deyil ki, ona bir dəfə vəsait ayırasan, köklü şəkildə o işi qurasan və 10 illər boyu getsin. Mütləq dərəcədə hər il, ya bir neçə ildən bir bu vəsaitlərin ayrılması tələb olunur.
Hər dəfə də, mən hesab edirəm ki, yolların korlanmasına görə inzibati cəzaların müəyyənləşdirilməsinə ciddi ehtiyac var. Çünki biz nə qədər ki yolu ictimai istifadədə hesab ediriksə, ona “özümüzün deyil” kimi yanaşırıqsa, o cür də yeni təmirlərin baş verməsinə səbəb olacağıq. Etiraf eləyək ki, lap yaxın vaxtlara qədər bu sahədə ciddi problemlər olub. Biz də bir neçə dəfə şahidi olmuşuq ki, bu gün keçdiyimiz yolu qısa müddətdən sonra təzədən təmir eləməyə başlayıblar. Mən bu mənada hesab edirəm ki, yolların müəyyən hissəsi pullu olmalıdır. Yəni müxtəlif nəqliyyat növlərinin istifadəsinə görə hansı rəqəm uyğundursa, onu müəyyənləşdirmək olar. Beynəlxalq aləmdə də bu normativlər var, bizdə də onu təsdiq eləmək lazımdır.
Burada qeyd olundu ki, rayonlarda kəndarası yollara, nisbətən magistraldan kənar yollara da diqqət yetirilməlidir. Bu yollar bələdiyyələrin sərəncamındadır, onlar bu işi əldə elədikləri vergilərin gücü ilə yoluna qoymalıdırlar. Bu yoluna qoymaq onlar tərəfdən qeyri-realdır. Bunu hər birimiz yaxşı bilirik. Bizdə tarixən yola münasibət o qədər də yaxşı olmayıb.
Öz doğma kəndimdən danışıram. Bütün evlər elə salınıb ki, sanki yolun içərisindədir. Tarixən yolu geniş götürmək, yola mərhəmətlə, izzətlə yanaşmaq ənənəsi bizdə olmayıbdır. İndi, gəlin, həmin yolları qaydasına salaq. Əlbəttə, çox çətindir. Bizim kənddəki yolları Cavid müəllim salmayıb. Ona görə mən hesab edirəm ki, biz bu Sazişə səs verməliyik. Paralel şəkildə bələdiyyələrin bu işi görə bilməyəcəyini nəzərə alaraq, kənd yolları da Nəqliyyat Nazirliyinin müvafiq qurumuna, yəni Cavid müəllimin rəhbərlik elədiyi idarəyə verilməlidir. Bizim tanıdığımız, hörmət elədiyimiz həmkarımız bu sahəyə rəhbərlik eləyirsə, hər birimiz ona dəstək verməliyik ki, bu işlər getsin və hamımız onun sevincini bərabər yaşayaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Cavid Qurbanov.
C. Qurbanov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarım! Sazişlə əlaqədar istəyirəm izahat verim. Məsələ bundadır ki, keçən dəfə sizin tərəfdən məsələ qalxmışdı ki, niyə Hacıqabul rayonuna qədər yollarımız dördzolaqlı, ondan sonra ikizolaqlı gedir.
İstəyirəm, əvvəlcə Pənah bəyə cavab verim. Pənah bəy, bu məsələ belədir ki, yolların birinci hissəsi, yəni 88,8 kilometrinin bərpası işləri də bura daxildir. Yəni bu sənəd Yevlax–Gəncə yolunun ətrafını daxil etməklə, ondan keçən yeni tikiləcək yol üçün nəzərdə tutulur. Yəni ona paralel olaraq ikizolaqlı hissə də olacaq. Onun da həm körpüləri, kommunikasiyaları mövcuddur. Orada insanların köçürülməsi, pay torpaqlarının alınması məsələsi ortaya çıxacaqdır. Bunların hamısı nəzərə alındığına görə gəlib çıxır təqribən 180 milyon ABŞ dollarına. Bu 180 milyon üçün də deyirik ki, yollarımız bahadır. Amma dədə-babadan belə bir məsəl var, deyirlər ki, “Ucuz ətin şorbası olmaz”.
Yaxşı yol istəyiriksə, gərək o yolu normativlərə, standartlara uyğun quraq. Bir də, bilirsiniz ki, ölkədə enerji daşıyıcılarının və iş qüvvəsinin qiyməti, əmək haqqı artır, yaşayış səviyyəsi yüksəlir. Bunlar da avtomat sürəti ilə yolun tikintisinin qiymətinə təsir edir. Burada qeyri-adi heç nə yoxdur. Hamınız yaxşı bilirsiniz ki, respublikada bitumun qiyməti neçəyədir, qumu neçəyə satırlar. Bir ton asfaltın qiymətini hesablasaq, görərik ki, onun yerinə çatdırılması neçəyə başa gəlir. Yolun niyə belə baha çıxmasının səbəbini də məhz aydınlaşdıra bilərik. Əgər lazımdırsa, mən sizə hesabat formasında yazıb ayrı-ayrılıqda çatdıra da bilərəm. Burada gizli iş yoxdur.
Qaldı o biri məsələlər. Yollarda ağır çəkili maşınlar var. Niyə Ələt–Qazıməmməd arasındakı yol xarab olur? Ümumiyyətlə, yolun saxlanma müddətləri var. Mən bir neçə dəfə demişəm, bir də deyirəm. Yol üç, ya beş il müddətində təkər altında qalandırsa, onun axırıncı, yəni üst qatını 3–5 ildən bir təzədən dəyişmək lazımdır. Bu, təkcə bizdə deyil, bütün dünyada qəbul olunmuş qaydadır. Sizə deyim ki, yolların qiyməti də bahalaşıb. Bu yaxınlarda Amerika və digər xarici şirkətlər bizə müraciət ediblər. Yolu ən ucuz qiymətlə tikmək üçün onlar 7 milyon ABŞ dollarından aşağı məbləğə razı olmurlar. Biz də bu seçimlərdə çalışırıq ki, həm ucuz qiymətə, həm də keyfiyyətli yol salaq.
Koreyanın yollarından, yəqin ki, xəbəriniz var. Biz istəyirik, bu yolları koreyalılar tiksin və biz də onlara nəzarət edək. Həmişə bir kəndi tikəndə, orada əvvəlcə məscidi ucaldırlar. Biz də, gəlin, əvvəl mərkəzi yollarımızı tikək, qurtaraq. Respublikada 32 min kilometr yol var. 32 min kilometr yolun təkcə bir hissəsini təmir etmək üçün xeyli vəsait tələb olunur. Buna nə bitum istehsalının, nə də seleniumun gücü çatır. Bir-iki ilə bunun öhdəsindən, əlbəttə, gələ bilmərik. İrəliləyiş isə göz qabağındadır. Allah qoysa, 2008-ci ilin axırına yaxın, mən hesab edirəm ki, şimal yolunda, İpək Yolunda və Şamaxı yolunda aparılan geniş miqyaslı işlərin hamısını görəcəksiniz. Şamaxı yolunun, cənub yolunun, şimal yolunun tikintisinə, demək olar ki, artıq start verilib. Yolların bir hissəsi qalıb, onları da təmir edəcəyik. Sabirabad, İmişli magistral yolu qalıb. Onların da kreditlərini artıq tapmışıq. Kim istəsə də, istəməsə də, bu yolları kreditlər hesabına tikməliyik. Çünki daxili problemlərimiz də çoxdur, Valeh müəllim söylədi, onu daha vacib yerlərə xərcləsək, yaxşıdır.
Yolun tikilməsi ilə əlaqədar olaraq ölkədə yük artımı, yük dövriyyəsi 4 milyon ton kilometrdən 34 milyon ton kilometrə gəlib çıxa bilər. Bütün sorğuların, hesablamaların nəticəsində belə rəqəmlər ortaya çıxır. Ödənişli yollara çevirmək məsələsi üçün gərək şərait yaransın. Bu biri yolları qaydaya qoyaq ki, alternativ olaraq ödənişli yolların tikilməsinə gedə bilək.
Ağır çəkili maşınlarla əlaqədar, Aydın müəllim, Sizin müzakirənizə yəqin ki, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik kimi, Əli müəllimdən də mən xahiş etmişəm, məsələni bu yaxınlarda çıxaracağıq. Ümumiyyətlə, bu yolları qazanlar, dağıdanlar haqqında, yəqin ki, cəza tədbiri müəyyənləşdirmək lazım gələcək. Mən də sizinlə razıyam ki, yolları dağıdırlar. Qaldı ki, bu kredit keçənilki kimi deyil. O kredit yolun bərpası üçün nəzərdə tutulmuşdu. Amma bu, təzə yolun tikintisi ilə əlaqədar olan müqavilədir. Xahiş edirəm, mümkünsə, buna səs verək. Koreyalıları da dəvət edək ki, gəlsinlər, işə başlasınlar. Biz nə qədər tez təsdiq etsək, onlar da işə tez başlayacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Deməli, Pənah Hüseyn seçicilərinə deyə bilər ki, Sabirabad–İmişli yolu üçün kredit tapılıb. Vidadi Məmmədov, buyurun.
V. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu gün ölkəmizin iqtisadi potensialı imkan verir ki, ölkədə infrastrukturların, kommunikasiyaların inkişafına və yenidən bərpa olunmasına şərait yaradılsın. Azərbaycanda yolların bu səviyyədə çəkilməsi, bərpa edilməsi təqdirəlayiqdir.
Mən hesab edirəm ki, bu gün iqtisadi cəhətdən Azərbaycanın neft, qeyri-neft sektoru, rabitə sahəsi sürətlə inkişaf edir. Ölkədə həm dəmiryolu, həm də avtomobil yollarının çəkilməsinə xüsusi diqqət yetirilir. Bilirsiniz ki, Azərbaycan şərqlə qərbi və şimalla cənubu birləşdirən regionda yerləşir. Ona görə də belə yolların çəkilməsi, təbii ki, İpək Yolunun bərpası, eyni zamanda, Orta Asiya və Çin ölkəsindən gələn yüklərin Avropaya çatdırılması sahəsində əhəmiyyətli rol oynaya bilər.
Yolların çəkilməsinə dair layihələrin yerinə yetirilməsi çox vacibdir. Onu da bildirmək istəyirəm ki, bu gün Azərbaycanda bu inkişafa səbəb cənab Prezidentin verdiyi sərəncamlardır. Bildiyiniz kimi, dünən Prezident cənab İlham Əliyev qərb bölgəsində olubdur. O, qərb bölgəsinin inkişafı haqqında çox gözəl sözlər söylədi. Xüsusi ilə Qazaxdan Gəncəyə gələrkən bu istiqamətdə çəkilən yolların daha gözəl olmasını bildirdi və dedi ki, bu yolların çəkilişi Azərbaycanın inkişafına xidmət edəcəkdir. Bu gün Milli Məclisdə belə sazişlərin müzakirə olunması, əlbəttə, vacibdir. Cəmiyyətdə, bilirsiniz ki, insanların hamısı eyni səviyyəyə, eyni biliyə malik deyillər. Müxalifətin bir hissəsi bu yolların çəkilməsini, tikinti-abadlıq işlərinin aparılmasını, körpülərin tikilməsini bəzən cəmiyyətə başqa istiqamətdə çatdırır. Doğrudan da, bu, Azərbaycanın inkişafını görməmək deməkdir. Ona görə də vacibdir ki, bu sazişlərin müzakirəsi zamanı bizim söylədiyimiz fikirlər də cəmiyyətə çatdırılsın. Hesab edirəm ki, bu layihənin yerinə yetirilməsi üçün Kredit Sazişinin təsdiq edilməsi vacibdir. Mən bunun təsdiq olunmasına səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bugünkü iclasda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər Ombudsman Aparatının dövlət qulluğu kateqoriyasının artırılması ilə bağlıdır. Bu layihə respublikamızın Prezidentinin imzası ilə parlamentə daxil olubdur. Cənab Prezident Ombudsman Aparatının hüquqi statusu ilə bağlı dövlət orqanlarının öz səlahiyyətlərinə görə təsnifatında müəyyən əlavələr və dəyişikliklər edilməsini təklif edir. Azərbaycanda insan hüquqlarının təminatı və onların qorunması dövlət orqanlarının ali vəzifəsidir. Konstitusiyamız insan hüquqlarının perspektivliyini nəzərdə tutur. Bu sahədə Azərbaycan hüquq sistemində böyük islahatlar aparılıb. İnsan hüquqlarının mühafizəsi ilə bağlı 100-ə yaxın akt ratifikasiya olunub. Yeni institutlar təsis olunub. Ölkəmizdə yeni təsisatlardan biri də İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutudur.
Ombudsmanın bir dövlət orqanı kimi fəaliyyəti birbaşa insan hüquqlarının mühafizəsi ilə bağlıdır. İnsan hüquqları üzrə müvəkkilin digər dövlət orqanlarına hüquqi cəhətdən təsiredici vasitələri olmasa da, onun fəaliyyəti Prezident Aparatı və ya Parlamentlə birbaşa əlaqələndirilir. Ombudsmanın hüquqi vəziyyəti Konstitusiya Qanunu ilə müəyyən edilir. Bu qanunun 1-ci maddəsinə görə ombudsmanın fəaliyyətinin əsasları mühüm dövlət əhəmiyyətli məsələlərlə əhatə olunur.
Bu qanunla ombudsmana yüksək hüquqi status verilməlidir. Cənab Prezidentin Ombudsman Aparatının hüquqi vəziyyəti ilə bağlı təklifləri məntiqi xarakter daşıyır. Birinci təklif ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin Aparatı 1-ci kateqoriya dövlət orqanlarına aid edilir. İkinci təklif ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri 6-cı kateqoriya dövlət orqanlarına aid olsun.
Hörmətli deputatlar, hesab edirəm ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavələr və dəyişikliklər əsaslı və əhəmiyyətlidir. Odur ki, sizin hamınızı təklif olunan layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Bəzi suallar var, onları eşidək. Fazil Mustafayev.
F. Mustafayev. Mən bir şeyi dəqiqləşdirmək istərdim. Burada İnsan hüquqları üzrə müvəkkilin regional mərkəzləri deyəndə biz keçən dəfə Naxçıvan Muxtar Respublikası ombudsmanını da nəzərdə tutduq. Naxçıvan Muxtar Respublikasının ombudsmanı regional mərkəz kateqoriyasına aid edilirmi, ya onu ayrıca ad ilə qeyd etmək lazımdır. Hər halda diqqətdən yayına bilər, ona görə də məsələyə aydınlıq gətirilməsini xahiş edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Astan Şahverdiyev.
A. Şahverdiyev. Mənim sualım belədir. Bilirsiniz ki, Azərbaycan cəmiyyətində böyük əhəmiyyət kəsb edən bir qrup insan var və onların vəzifələri dövlət qulluğuna aid edilməyib. Məsələn, ali məktəblərdə rektorlar, prorektorlar və dekanlar üçün belə bir məsələ gözlənilirmi? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Rövşən müəllim, buyurun, suallara cavab verin.
R. Rzayev. Hörmətli Fazil müəllimə sualına görə minnətdarlıq edirəm. Mən ona cavab olaraq bildirmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası olduğuna görə, yəqin ki, orada fəaliyyət göstərən ombudsman təsisatı 1-ci kateqoriya dövlət orqanlarına aid olacaqdır. İkinci suala dair onu demək olar ki, elmi-pedaqoji fəaliyyətin gələcəkdə dövlət qulluğuna aidiyyəti ilə bağlı heç bir fikir ortalıqda yoxdur.
Sədrlik edən. Təşəkkür edirəm. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Əgər rektorlar, prorektorlar dövlət qulluqçusu sayılsalar, o zaman gərək onlar Milli Məclisin deputatı olmasınlar. Çünki siz bilirsiniz ki, qanuna görə dövlət qulluğunda işləyənlər həm də millət vəkili seçilə bilməzlər. O ya rektorluqdan, ya da deputatlığından imtina etməlidir. Ona görə də siz bunları qurdalamayın, qoy necə yaşayırlar, elə də yaşasınlar.

Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi müzakirənizə təqdim olunubdur. Məsələ iqtisadi fəaliyyət sahəsində müəyyən qanunsuz əməllərə görə məsuliyyətin artırılması ilə Cinayət Məcəlləsinə yeni maddənin daxil edilməsi təklifi ilə bağlıdır.
Bu qanun layihəsi qanunvericilik təşəbbüsü ilə respublikamızın Prezidenti cənab İlham Əliyevin imzası ilə bizə göndərilibdir. Cənab Prezident iqtisadi sahədə hüquqi pozuntularla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsini təklif edir. Prezidentimiz ölkəmizin iqtisadi inkişafına böyük əhəmiyyət verir. İqtisadiyyatda yeni islahatların və uğurların məqsədi məhz fərdi konstitusiya hüquqlarının təminatı üçün sabit iqtisadi münasibətlər yaratmaqdır. Sabit iqtisadi inkişaf bizim humanitar sahədə prioritetlərimizin həllinə zəmanət yaradacaqdır. Azərbaycanda iqtisadi münasibətlər çox yüksək dinamik sürətlə inkişaf edir. Parlamentin fəaliyyətini nəzərə alsaq, görərik ki, biz burada hər ay iqtisadi sahəyə dair qanun yaradıcılığı məsələləri ilə məşğul olmuşuq. Beləliklə, parlament tərəfindən iqtisadi münasibətləri tənzimləyən müvafiq hüquqi baza yaradılmalıdır. Lakin bu münasibətlər daim təkmilləşdirməli və onun mühafizəsi təmin edilməlidir.
Layihədə təklif olunur ki, Cinayət Məcəlləsinin “Qanunsuz sahibkarlıq” adlı 192-ci maddəsinə yeni bənd əlavə edilsin: “192.2.1. Külli miqdarda ziyan vurduqda”. Bu norma ilə yeni cinayət əməli müəyyən edilir. Hazırda qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurulduğuna görə məsuliyyət nəzərdə tutulub. İndi isə təklif olunur ki, külli miqdarda ziyan vurulması da məcəllənin 192-ci maddəsinin ikinci hissəsinə daxil edilsin.
Habelə təklif olunur ki, Cinayət Məcəlləsinin 204 və 205-ci maddələrində əksini tapan saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma ilə əlaqədar dəyişiklik edilsin. Həmin maddələrə cinayət əməli kimi “əldə etmə” ifadəsi əlavə edilmişdir. Hüquqi münasibətlərdə boşluğun aradan götürülməsi məqsədi ilə Cinayət Məcəlləsinin 213.1-ci maddəsində də dəyişiklik nəzərdə tutulur. Fikrimcə, ticarətdə aksiz markaları tətbiq edildikdən sonra onların saxtalaşdırılması halları çox yerdə müşahidə edilir. Saxta aksizlər həm də o qədər çox olur ki, saxta malların dövriyyəsi iqtisadi münasibətlərə ciddi ziyan vurur. Bu cinayət əməlinə görə də məsuliyyətin yaranmasına ciddi ehtiyac var.
Başqa bir dəyişiklik bloku İnzibati Xətalar Məcəlləsində edilmişdir. Bu, iqtisadi fəaliyyət qaydaları əleyhinə olan müəyyən inzibati xətaların sanksiyalarının artırılması və təkmilləşdirilməsi ilə bağlıdır. Əksər hallarda iqtisadi fəaliyyət qaydaları əleyhinə olan müəyyən inzibati xətaların sanksiyaları vurulan ziyanın həcminə görə adekvat cərimə nəzərdə tuta bilmir. Ona görə də bu məsuliyyət formaları minimum əmək haqqı məbləği ilə hesablanırdı. Layihədə isə təklif edilir ki, bir neçə xətanın sanksiyası faiz formasında dəyişkən olsun. Məsələn, təklifin biri kimi “Valyuta tənzimi qaydalarının pozulması” adlanan 222-ci maddənin sanksiyası təkmilləşdirilmişdir. 222.1-ci maddəyə təklif olunur ki, xətanın obyekti olan valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə müəyyən edilsin. Hesab edirəm ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər və əlavələr səsə qoyulub dəstəklənməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

S. Rüstəmxanlı. Konkret olaraq bu dəyişikliklər və əlavələrlə bağlı Rövşən bəyin izahatı göstərir ki, burada məqsədlər aydındır, amma mən bir neçə kəlmə, ümumiyyətlə, qanunlarımızdakı dəyişikliklər barədə demək istəyirəm.
Biz gündəliyə baxsaq, gündəlikdə qanunlarda dəyişikliklərlə bağlı həddindən artıq məsələlər var. Bunun bir neçə səbəbi var. Dəfələrlə bu barədə danışılıbdır. Əvvəla, burada qanunlar tələsik hazırlanır. Bəzən də birinci növbəli qanunların əvəzinə ikinci növbəli qanunlar qəbul olunur. Sonra, yeni qanunlar qəbul olunanda bir sıra uyğunsuzluqlar meydana çıxır. O zaman biz məcbur oluruq, qanunlara təzədən yamaqlar vuraq, dəyişikliklər və əlavələr edək.
Mən bu hüquq mühafizə sistemində çalışan adamlarla söhbətdə hiss etmişəm ki, qanunlarda həddindən artıq bu cür uyğunsuzluqlar var. Bunu aradan qaldırmağın bir yolu da odur ki, biz, ümumiyyətlə, müstəqil qanun yaradıcılığı institutu yaratmalıyıq. Qanunlar Prezident Aparatında, nazirlikdə hazırlana bilməz. Çünki müxtəlif müəssisələrdə hazırlanan qanunlar həmişə o müəssisələrin marağını önə çəkir. Sonra da biz dövlətçilik marağı ilə baxanda bir sıra ziddiyyətlər yaranır. Ona görə də mən təklif edirəm, qarşıda vaxt var, Milli Məclis bu məsələni müzakirə etsin. Elə bir quruma ciddi ehtiyac var və bu qurumda, məncə, bir dil şöbəsi də yaratmaq olar ki, bizim qanunlarımızın dilinə baxsın.
Məsələn, biz ona nəzarət eləmirik ki, qanunlar yaranandan sonra nazirliklərdə əsasnamələr hansı səviyyədə hazırlanır və onların dili nə cür olur. Mənə, məsələn, bir hərbiçi misal çəkdi. Rus dilində “çasavoy” sözü var. Bunu Azərbaycan dilinə “saatçı” tərcümə edirlər. Yəni dili o səviyyədə bilirlər. Bəzən o əsasnamələrlə də işləyirlər. Ona görə də qanunvericilik institutunun yaranmasına ehtiyac var. Qanunlarımızın, ümumiyyətlə, koordinasiya işinin qurulması, ilk növbədə, dövlətçilik baxımından hansı qanunun yaranması o instituta tapşırılsa, məncə, bu, ümumi işimizə, Milli Məclisin işinin keyfiyyətinə təsir edər, biz də yamaqçılıqdan yaxamızı qurtararıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Üzr istəyirəm, Sabir müəllim ciddi məsələ qaldırdı. Mən öz münasibətimi bildirərək deyirəm ki, Sabir müəllim, bu qanunvericilik institutunun yaradılması təzə ideya deyil. Hələ ötən əsrin 90-cı illərinin sonlarında parlamentin yanında belə bir institutun yaradılması məsələsi qalxıbdır. Çox təəssüf ki, maliyyə çatışmazlığı üzündən bunun yaradılması baş tutmayıbdır. İndi, sözsüz, imkanlar artdıqca bu institutun yaranması reallaşacaq.
O ki qaldı tez-tez qanunlara dəyişikliklər və əlavələr edilməsinə, mən hesab edirəm ki, bu, təbiidir. Çünki ictimai münasibətlər daim təzələnirsə, onlar nizamlanmalıdır. Cəmiyyət yerində durmur axı. Məsələn, Avstriya Konstitusiya Məhkəməsinin sədri Bakıda olanda biz onu qəbul etdik. Avstriya çoxəsrlik tarixə malik bir dövlətdir. Avropada ilk ixtisaslaşdırılmış Konstitusiya Məhkəməsi 1820-ci ildə bu dövlətdə yaranıbdır. Xanım mənə deyir ki, biz bu gün inzibati islahatlar aparmaq istəyirik və parlamentdə nə qədər təkliflər yığılıb qalıbdır. Parlament isə mühafizəkar olduğuna görə o islahatların keçirilməsinə icazə vermir.
Təsəvvür edin ki, burada da hələ islahatlar başa çatmayıb. Yəni nə qədər ki insan ömrü var, cəmiyyət var, təkmilləşmə olacaq. Yeni münasibətlər ortaya çıxdıqca, biz onları tənzimləməliyik. Başa düşürəm, iş təcrübəsində bunlar müəyyən çətinliklər doğurur, amma nə etmək olar, həyatın qanunudur və biz gərək bunu edək.
Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsidir. Mən xahiş edirəm, bu məcəllənin müzakirəsində bir az fəal olaq. Çünki bu, ciddi, özü də həcmli bir sənəddir. Gündəlikdə Dövlət torpaqları haqqında qanun layihəsi də var. Bu da çox əhəmiyyətli məsələdir. Hər iki sənəd birinci oxunuşda müzakirəyə çıxarılacaq. Xahiş edirəm, bir az fəal olaq. Söz verilir Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Rafael Cəbrayılova.
R. Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü.
Sağ olun. Hörmətli cənab Ziyafət müəllim, hörmətli millət vəkilləri! Müasir dövrdə ictimai həyatın bütün sahələrində siyasi sistemin mühüm institutu kimi dövlətin rolu və əhəmiyyəti əvəzolunmazdır. Dövlətin belə əhəmiyyəti onun qarşısında duran funksiya və vəzifələrlə şərtlənir. Yarandığı gündən bu günə qədər hər bir dövlət böyük inkişaf dövrü keçmişdir. Dövlət fəaliyyətinin tərkib hissəsi kimi inzibati idarəçiliyin və bu sahədə yaranan ictimai münasibətlərin təkmilləşdirilməsinə bu gün də ehtiyac duyulur. Belə zərurəti şərtləndirən başlıca amil insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Buna əsaslanan fəaliyyət dövlətimizin ali məqsədidir.
Aydın məsələdir ki, dövlətin fəaliyyəti öz vətəndaşlarının mənafelərindən yan keçə bilməz. Dövlətlə onun vətəndaşları arasındakı münasibətlərin belə xarakteri inzibati idarəçilik sistemində, daha doğrusu, hüquq müstəvisində özünü bariz şəkildə göstərir. Bu gün müstəqil dövlətimiz qarşısında duran əsas vəzifə də bu münasibətlərin hüquq müstəvisində inkişafına nail olmaqdır. Bu baxımdan Azərbaycan Respublikasının ilk İnzibati Prosessual Məcəlləsi layihəsinin işlənib hazırlanması və bu gün sizin müzakirənizə təqdim olunması təsadüfi deyildir.
İnzibati Prosessual Məcəllənin layihəsi, əgər o, siz tərəfdən qəbul olunarsa, son bir neçə ildə parlamentdə xüsusi hüquqi dəyəri və əhəmiyyəti baxımından seçilən, Azərbaycan Respublikasının qanunvericilik aktları sistemində layiqli yerini tutan bir qanun olacaqdır.
Avropa inzibati hüquq nəzəriyyəsinin ümumi müddəaları və prinsipləri əsasında işlənib hazırlanan bu qanun layihəsi Azərbaycanda demokratik və hüquqi dövlət ənənələrinin daha da inkişaf etdirilməsinə təsir edəcək, inzibati hüquq sahəsində yeni elmi yanaşmanın əsasını qoyacaqdır. Bu da təbiidir. Belə ki, öz fəaliyyətində hüququn aliliyini, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini, o cümlədən hüquqi dövlət prinsiplərini əsas götürən müstəqil Azərbaycan dövləti qeyd edilən dəyərlərin təmin edilməsinin səmərəli hüquqi mexanizmini yaratmış və inkişaf etdirmiş Avropa dövlətlərinin hüquq nəzəriyyəsindən və hüquqi praktikasından bəhrələnməyə bilməz.
Bu gün insan və vətəndaş hüquq və azadlıqlarına xüsusi üstünlük verən Avropa dövlətləri hüquqi dövlətin mühüm istiqamətlərindən biri olan inzibati idarəçilik sahəsində əhəmiyyətli inkişafa nail olmuşdur. Onlar bu sahədə olduqca zəngin elmi-nəzəri biliklərin və praktikanın əsasını yaratmışlar. Məcəllə layihəsi bu biliklər və praktika öyrənilməklə işlənilib hazırlanmışdır. Sənəddə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi, Almaniyanın və Hollandiyanın təcrübəli ekspertlərinin iştirakı ilə təşkil edilən seminarlarda səslənən bir sıra təkliflər nəzərə alınmışdır. Hər şeydən əvvəl, qeyd etmək istərdim ki, İnzibati Prosessual Məcəllə layihəsini 2005-ci il 21 oktyabr tarixdə qəbul edilmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məntiqi davamı hesab etmək olar.
İnzibati Prosessual Məcəllə 16 fəsildən və 120 maddədən ibarətdir. İnzibati qanunvericilik konsepsiyasının mahiyyətinə uyğun olaraq vətəndaş və dövlət arasında inzibati hüquq münasibətləri iki səviyyədə verilmişdir: vətəndaşla inzibati orqanlar arasındakı münasibətlər və vətəndaşla inzibati məhkəmələr arasında olan münasibətlər. Vətəndaşla inzibati orqan arasında yaranan inzibati hüquq münasibətləri “İnzibati icraat haqqında” Qanunun predmetidir. Lakin inzibati hüquq münasibətlərinin mübahisələndirilməsi və bu mübahisələrin həlli qaydası ilə bağlı məsələlər İnzibati Prosessual Məcəllədə öz əksini tapmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktların qəbul, icra və ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin, yəni inzibati hüquq münasibətlərinin hüquqi əsasları və prinsipləri tənzimlənirsə, İnzibati Prosessual Məcəllədə bu münasibətlərlə bağlı mübahisələrin həlli qaydası, məhkəmə aidiyyəti, onun həllinin prosessual prinsipləri əsas götürülür.
“İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə uyğun olaraq inzibati aktdan şikayət iki cür – inzibati və ya məhkəmə qaydasında verilə bilər. İnzibati qaydada şikayət verildikdə ona “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq baxılır. İnzibati aktdan məhkəmə qaydasında şikayət verildikdə isə ona baxılması qaydası İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq həyata keçirilir. Bu iki qanun arasındakı məntiqi-hüquqi bağlılıq onların predmet münasibətlərinin inzibati hüquqi mahiyyəti ilə əlaqəlidir.
İnzibati Prosessual Məcəllənin 3-cü maddəsinə uyğun olaraq inzibati mübahisələrə birinci və yuxarı instansiya məhkəməsi tərəfindən baxılır. Bu mübahisələrə birinci instansiya məhkəməsi kimi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin İnzibati mübahisələrə dair işlər üzrə kollegiyaları, yuxarı instansiya məhkəməsi qismində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati mübahisələrə dair işlər üzrə kollegiyası baxır. Mübahisələrə bir qayda olaraq kollegial şəkildə 3 hakimdən, yəni sədrlik edəndən və iki hakimdən ibarət məhkəmə tərkibi tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati mübahisələrə dair işlər üzrə kollegiyası bu məcəlləyə əsasən üç halda mübahisələrə birinci instansiya məhkəməsi kimi baxır: seçkilərin və səsvermənin nəticələrinin etibarsızlığı; siyasi partiyaların qeydə alınmasından imtina olunması və ya siyasi partiyaların ləğv edilməsi; kütləvi informasiya vasitələrinin yayımının, fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud ona xitam verilməsi və ya onların yayımının bərpa olunması, habelə onların yayımını davam etdirməsi üçün lisenziyanın müddətinin uzadılmasından imtina ilə bağlı mübahisələr olduqda. Bu, məcəllənin 4-cü maddəsində öz əksini tapıbdır.
İnzibati Prosessual Məcəllənin səciyyəvi xüsusiyyətlərindən biri də orada inzibati mübahisələrə dair iddiaların dəqiq təsnifatının müəyyən olunmasıdır. Məcəllənin 2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılan aşağıdakı iddia növləri təsbit edilmişdir: birinci, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialar, onlara mübahisələndirmə haqqında iddialar da deyilir; ikinci, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar, onlara da məcburetmə haqqında iddialar deyilir; üçüncü, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar; dördüncü, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar, onlara da müəyyən etmə və ya tanınma haqqında iddialar deyilir; beşinci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan mübahisələr istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialar, onlara qanunauyğunluq haqqında iddialar deylir; altıncı, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar; yeddinci, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddiaları.
Məcəllənin II fəslində məhkəmə icraatının aşağıdakı prinsipləri öz əksini tapmışdır: hakimlərin müstəqilliyi prinsipi; qanun və məhkəmə qarşısında bərabərlik prinsipi; işin hallarının araşdırılması prinsipi; çəkişmə və dispozitivlik prinsipi; məhkəmə baxışının şifahiliyi prinsipi; məhkəmə baxışının aşkarlığı prinsipi. Bu fəsildə məhkəmənin açıqlama və ya göstəriş vermək vəzifəsi müəyyən edilmiş, inzibati icraatda sübut etmə vəzifəsi ilə bağlı müddəa öz əksini tapmışdır.
Məcəllənin 13-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın müəyyən hərəkətlərinin dayandırılmasına və ya hüquqi vəziyyətin müəyyən olunmasına və şəxsin inzibati orqanların müdaxiləsindən qorunmasına yönəlmiş iddialar üzrə belə hərəkəti və ya müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati icraata dair məhkəmə icraatında ədalətin və obyektivliyin müəyyən edilməsində, yuxarıda sadalanan icraat prinsiplərinin təmin olunmasında məcəllədə sübut etmə vəzifəsinin təsbit edilməsi mühüm prosessual əhəmiyyətə malikdir. İnzibati aktın qəbul olunmasına dair müraciətlə və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək müvafiq qanunla daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla məhkəmədə iddia qaldırıla bilməz.
Məcəllədə mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslar da aşağıdakılardır: yeni sübutların və ya halların aşkar olunması; sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Yeni açılmış hallar üzrə icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İnzibati Prosessual Məcəllənin əhəmiyyətli cəhətlərindən biri də müvəqqəti xarakterli müdafiə institutunun müəyyən olunmasıdır. Məcəllənin 39-cu maddəsinə uyğun olaraq maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə yönəlmiş (iddiaçının hüquqlarının qorunmasına yönəlmiş) digər təminat tədbirlərinin görülməsi (müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
Məcəllənin XIV fəslində normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraat öz əksini tapmışdır. 113-cü maddəyə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən yoxlanılması Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan qanunlar istisna olmaqla, normativ aktlar əsasında dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların qüvvədən düşmüş hesab edilməsinə dair Ali Məhkəmədə iddia qaldırıla bilər. İddia normativ xarakterli aktların dərc olunduğu vaxtdan 2 il müddətində qaldırıla bilər.
Qeyd etmək lazımdır ki, normativ xarakterli aktın etibarsız sayılması inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyalarının qüvvəyə minmiş qərarlarının və barəsində şikayət verilə bilməyən inzibati aktların etibarsız sayılmasına səbəb olmur.
Ali Məhkəmənin inzibati mübahisələrə dair işlər üzrə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsində nəzərdə tutulmuş və mübahisə ilə bağlı işin həlli üçün əhəmiyyət kəsb edən normativ hüquqi aktlardan hər hansı birinin Konstitusiyaya zidd olduğunu güman etdiyi hallarda iş üzrə icraat dayandırılmalı və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü bəndinə müvafiq olaraq həmin aktın Konstitusiyaya uyğunluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməlidir.
Hörmətli həmkarlar! Azərbaycan Respublikasının ilk İnzibati Prosessual Məcəlləsi layihəsinin işlənib hazırlanması və sizin müzakirənizə təqdim olunması və onun qəbul edilməsi əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Bu, Azərbaycan Respublikası qanunvericilik aktları sırasında çox mühüm əhəmiyyət kəsb edən bir qanun olacaqdır. Hesab edirəm ki, bu sənədin sizin tərəfinizdən qəbulu qanunvericilik hakimiyyətinin Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın daha da güclənməsi, inzibati idarəçiliyin təkmilləşdirilməsi və bu sahədə yaranan inzibati hüquqi münasibətlərin daha dəqiq, daha mükəmməl tənzimlənməsi istiqamətində irəliyə doğru mühüm bir addım olacaqdır. Mən bu qanun layihəsinin işlənib hazırlanmasında mühüm rolu olan şəxslərə, Səfa müəllimə, Nizami Səfərova, Səyyad Kərimova öz təşəkkürlərimi bildirirəm və bu müzakirə zamanı meydana çıxacaq sualları cavablandırmağa hazıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nə təklif edirsiniz? Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. İnzibati Prosessual Məcəllə layihəsinin müzakirəsinə başlayırıq. Xahiş edirəm, yazılın. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi İlham Həsənova söz verirəm. Buyurun.

Hörmətli millət vəkilləri, mən çox qısaca danışacağam. Uzun müddətdir ki, bu məcəllənin layihəsi hazırlanır. Mən də işçi qrupunda iştirak etmişəm. Bu layihə Avropa ölkələrinin, əsasən, Almaniya Federativ Respublikasının İnzibati Prosessual Məcəlləsi əsasında hazırlanıbdır. Onun bütün müddəaları Avropa standartlarına, bu günün tələblərinə cavab verir. Biz bunu hakimlərlə də müzakirə eləmişik, layihəni bəyənirik və hesab edirik ki, qəbul oluna bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu gün müzakirəyə çıxarılan məcəllə layihəsinin qəbul olunmasının lehinə səs verəcəyəm. Hesab edirəm ki, Azərbaycan demokratik cəmiyyətinin qurulmasının başa çatdırılması üçün bu sənəd mühüm bir aktdır. Mənim bir sualım var. Bu aktın 38.1-ci maddəsində belə yazılıb: ”İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək...” Nə üçün 35 gün? Ardınca həmin bənddə yazılır: “müvafiq qanunla daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla məhkəmədə iddia qaldırılmasına yol verilmir” Nə üçün “yol verilmir”? Bütövlükdə mən də layihəni bəyənirəm və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sevindik Hətəmov.
S. Hətəmov. Çox sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin layihəsi yeni və gərəkli hüquqi sənəddir. Hörmətli həmkarlarım da dedilər ki, Avropa ölkələrinin, o cümlədən Almaniyanın təcrübəsi öyrənilib. Həmin təcrübə qanun layihəsində tətbiq olunarkən bizim məhkəmə sisteminin hansı spesifik cəhətləri nəzərə alınıb? Mən də bütövlükdə bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Konseptual baxımdan “İnzibati icraat haqqında” Qanunun məntiqi davamı olaraq İnzibati Prosessual Məcəlləsi layihəsinin qəbul edilməsi məqsədəuyğundur. Şübhəsiz ki, mən də onun tərəfdarıyam ki, bu qanun layihəsi birinci oxunuşda qəbul olunsun. Lakin bir sıra məsələlər haqqında öz fikrimi bildirməyi lazım bilirəm. Peşəkar hüquqşünas olmadığıma görə mənim mülahizələrimdə və fikirlərimdə, ola bilsin ki, bəzi nəzəri məsələləri bilməməkdən irəli gələn xətalar olsun. Buna görə hörmətli hüquqşünaslar bağışlasınlar. Bu mülahizəm də sual xarakteri daşıyır və yəqin ki, məruzəçi bu məsələlərə aydınlıq gətirər.
Birinci, mən hər halda Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin birinci instansiya məhkəməsi kimi işlərə baxması məsələsinə aydınlıq gətirilməsini istəyirəm. Çünki Konstitusiyanın müvafiq maddələri var. Məsələn, 131-ci maddədə göstərilir ki, Ali Məhkəmə işlərə kassasiya qaydasında baxır. Eləcə də yeni 132-ci maddədə Azərbaycan Respublikasının Apellyasiya məhkəmələri də yuxarı orqan kimi qeyd olunur. Yenə bununla bağlı. 125-ci maddədə məhkəmə hakimiyyətini həyata keçirən məhkəmələr belə sadalanır: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya məhkəmələri... Mən çox istərdim ki, inzibati məhkəmələrin də bu kateqoriyaların hansına daxil olması məsələsinə aydınlıq gətirilsin.
Düzdür, burada Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin kollegiyaları qeyd olunur. Amma hər halda birinci instansiya məhkəməsi kimi onun fəaliyyəti, mənə elə gəlir ki, izah olunmalıdır. Xüsusən Ali Məhkəmənin qərarları məcəllədə son qərar hesab olunur. Bu cəhətdən, şübhəsiz ki, mühüm xarakterli ictimai münasibətləri tənzimləyən məsələləri ayırmaq lazımdır. Konkret olaraq siyasi partiyaların qeydə alınması və onların fəaliyyətinə xitam verilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımına lisenziyaların vaxtının uzadılması və ya buna xitam verilməsi, yaxud seçki məsələlərinə də bu instansiyalarda baxılması, bir daha təkrar edirəm, bütün bunlara aydınlıq gətirilməsini tələb edir.
Xüsusən Seçki Məcəlləsinin üzərində dayanıram. Bilirsiniz ki, seçki məsələləri barədə mübahisələrə bu vaxta qədər Seçki Məcəlləsinin müvafiq maddələri ilə konkret hallarda baxılırdı. Bu da onunla bağlı idi ki, xüsusi prosessual müddətlər nəzərdə tutulurdu. Xüsusi prosessual müddətlər də Mülki Məcəllədə və digər qanunvericilik aktlarında olan bəzi müddətlərdən fərqlənirdi. Burada isə ümumi şəkildə deyilir ki, seçkinin nəticələrinə aid olan mübahisələr ayrı-ayrı dairələrdə, məntəqələrdə parlament seçkilərində bir xüsusiyyət, Prezident seçkilərində bir xüsusiyyət var, bələdiyyə seçkilərində tamamilə fərqli bir yanaşma tələb edilir. Bu baxımdan hesab edirəm ki, bu məsələ konkret şəkildə normativləşməlidir. Daha doğru, düzgün izahat verilməlidir.
Hörmətli məruzəçi, yəqin ki, bir məsələyə də aydınlıq gətirəcək. Çünki burada 35 gün, 30 gün, 20 gün prosessual müddətlər var, Seçki Məcəlləsində 3 gün, 1 gün, hətta müəyyən müddətlər şəklində təsdiqlənən normalar qeyd olunmuşdur.
Mənim fikrimcə, İnzibati Prosessual Məcəllə içərisində ən geniş şəkildə tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirən Cinayət Məcəlləsidir. Cinayət Məcəlləsinin həcmi də onu göstərir. Bu məcəllə, baxmayaraq ki, ilk baxışdan daha geniş, əhatəli işləri əhatə edir, amma Mülki Məcəllə qədər təfərrüatlara və xüsusatlara varmır. Bu da aydındır, çünki Cinayət Məcəlləsi insanların cinayət məsuliyyətinə cəlb edilməsinə insan taleyi baxımından mühüm əhəmiyyətə malik olan məsələ kimi baxmaq lazımdır. Ola bilsin ki, Cinayət Məcəlləsində də bir sıra məsələlərin daha təfərrüatlı şəkildə normativləşməsinə ehtiyac var.
Məsələn, Mülki Məcəllədən də əhəmiyyətli baxdığımız İnzibati Prosessual Məcəllədəki hüquq və vəzifələr, mənim fikrimcə, daha ümumi şəkildədir. Mən konkret bir neçə nümunə deyim. Hərçənd ki, belə hallar layihədə çoxdur. Bunlardan birincisi aşkarlıq prinsipidir. 16-cı maddədə, səhv eləmirəmsə, aşkarlıq prinsipi ilə məhkəmənin qapalı keçirilməsi üçün lazım olan əsaslar gətirilir. Onların içərisində, məsələn, iştirakçıların həyat və təhlükəsizliyi üçün təhlükə yarandığı hallarda məsələ qaldırılarsa, məhkəmənin qapalı keçirilməsinin mümkünlüyü bildirilir.
Mənə elə gəlir ki, Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən çərçivədən kənarda bu cür halların məcəlləyə daxil edilməsi aşkarlıq prinsipinə xələl gətirir və sui-istifadə üçün şərait yaradır. Xüsusən siyasi xarakterli seçkilərlə, siyasi partiyalarla, kütləvi informasiya vasitələri ilə bağlı məsələlərin bir sıra hallarda qapalı keçirilməsi üçün heç də zəruri olmayan istifadə hallarına imkan verilə bilər.
Digər məsələlərə də toxuna bilərəm. Məsələn, istər Cinayət-Prosessual Məcəlləsində, istərsə də Mülki-Prosessual Məcəllədə icraat materialları ilə tərəflərinin tanış olması haqqında konkret müddəalar vardır. Bu məcəllədə, məncə, belə hallara yol verilməməlidir ki, tərəf bu və ya digər sənədin təsdiqlənmiş surətinin onun verilməsi barədə xahişlə müraciət edə bilsin. Ümumiyyətlə, xahişlə müraciət edə bilmək hüququ, gəlin etiraf edək ki, kifayət qədər yayğın və qeyri-ciddi hüquqdur. Burada konkret olaraq həmin hüquq təsbit olunmalıdır. Yazılır ki, tərəf tələb etdikdə ona öz hesabına sənədlərin təsdiqlənmiş surəti verilir. Yaxud burada başqa hüquq da vardır ki, tərəf məsələ qaldırarsa, şifahi məhkəmə iclasının video və audio yazısına baxmağa icazə verilə bilər. Yenə bu “icazə verilə bilər” bizim məhkəmə proseslərində rast gəldiyimiz və hakimlərin əslində düzgün tövsiyə eləmədiyi və sui-istifadəyə yol açan bir qaydadır. Tərəfə, – istər müdafiə, istərsə də cavabdeh tərəf olsun, – məsələn, imkan yaratmadığı halda vətəndaş çıxış etdikdə, “verə bilər” sözləri subyektiv şəkildə tövsiyə olunur və buna imkan yaradılmır.
Digər başqa halların, bir daha təkrar edirəm, məcəllədə ümumi şəkildə verilməsinə baxmaq lazımdır. Mənə elə gəlir, bunların ikinci, üçüncü oxunuşlarda ortadan götürülməsinə ciddi ehtiyac vardır. Əlbəttə, burada nəzəri xarakterli yeni məsələlər vardır və yəqin ki, alim hüquqşünaslar onların üzərinə qayıtmalıdırlar. Ciddi münasibətləri tənzimləyən bir məcəllə olduğuna görə bunun ictimai, yaxud da mütəxəssislərin, bu sahədə çalışan alim mütəxəssislərin iştirakı ilə daha geniş müzakirəsi təşkil edilsəydi, yaxşı olardı. Mən ona görə ictimai müzakirəni təklif edirəm ki, burada yenidən Ali Məhkəmədə, Apellyasiya Məhkəməsində bir sıra məsələlərə baxılması praktikası tətbiq olunur. Mən xatırlayıram ki, əvvəllər siyasi partiyaların qeydiyyatına və onların fəaliyyətinə xitam verilməsinə Ali Məhkəmədə baxılması ləğv edilmişdi, indi yenidən bərpa olunur.
Bu baxımdan da geniş müzakirənin aparılmasına ehtiyac vardır. Bu sessiya başa çatır, növbəti sessiyanın əvvəlində bu məsələnin üzərində dayanmaq olar. Hələ vaxt var, ilin axırına kimi, inşallah, 2008-ci ildən “İnzibati icraat haqqında” Qanunun fəaliyyət göstərməsi üçün belə bir İnzibati Prosessual Məcəlləni qəbul edə bilərik. Mən özüm şəxsən onu bilirəm ki, sənədin hazırlanması üçün Milli Məclis Aparatının şöbələri, onların işçiləri çox əziyyət çəkiblər. Onlara mən də təşəkkür edirəm. Onlarla söhbət zamanı söylədikləri fikirlərlə razıyam ki, şübhəsiz, bu, gələcəyə yönələn qanunlardan biridir, inşallah, Azərbaycan cəmiyyəti hələ bunun xeyrini getdikcə daha çox görəcək, hiss edəcəkdir.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən varmı? Yoxdur. Onda sözü verək Rafael müəllimə, qaldırılan məsələlərə münasibətini bildirsin.
R. Cəbrayılov. Hörmətli həmkarım Astan müəllim Şahverdiyevin verdiyi sual İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində təsbit olunub. Doğrudan da, əgər orada yuxarı inzibati orqana inzibati aktdan inzibati qaydada şikayət verilərsə, ona 35 gün müddətində məhkəmə qaydasında şikayət etməyə icazə verilmir. Bu ona görədir ki, bildiyiniz kimi, İnzibati Prosessual Məcəllə ilə “İnzibati icraat haqqında” Qanun eyni vaxtda qüvvəyə minəcək. “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə əsasən orada yuxarı orqana inzibati qaydada şikayət vermənin müddəti müəyyən olunubdur. Yuxarı inzibati orqana həmin “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə əsasən şikayət veriləndən sonra həmin şikayətə baxılma müddəti 30 gün müəyyən olunub. 30 gün müəyyən edildikdə, əgər həmin şikayətə yuxarı inzibati orqan baxırsa, onda vətəndaş, ikili şikayət olmasın deyə, məhkəməyə müraciət eləmək hüququna malik olmur. O vaxta qədər ki, məhkəmə həmin məsələyə baxır, öz rəyini bildirir. Ona görə də həmin 30 günlük baxılma müddəti inzibati aktın baxılması üçün müəyyən olunub. Yerdə qalan 5 gün həmin o aktın verilməsi üçün birinci inzibati orqan tərəfindən həmin akta baxılmasına görədir. 35 gün ona görə müəyyən olunub.
Hörmətli həmkarım Sevindik Hətəmovun sualı ilə bağlı. Bəli, doğrudan da, bu məcəllənin tərtib olunmasında bir sıra Avropa ölkələrinin, əsasən də Almaniyanın təcrübəsi öyrənilib. Almaniyada məsələ başqa cürdür. Orada inzibati məsələlərə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmələrin şəbəkəsi tamamilə başqa cür görünür. Orada maliyyə məhkəmələri, əmək məhkəmələri, inzibati məhkəmələr və digər məhkəmələr var. Bizdə isə birinci instansiya məhkəməsi kimi bu işə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin inzibati məhkəmələrə dair məhkəmə kollegiyası baxır. Səbəb də ondan ibarətdir ki, bu prosessual məcəlləyə görə belə mübahisələrə, bir qayda olaraq, kollegial şəkildə baxılır. Lakin Azərbaycanın, demək olar ki, əksər rayonlarında məhkəmələr bir hakimdən ibarətdir. Kollegiallığı yerlərdə təmin eləmək mümkün deyil. Gələcəkdə, ola bilər ki, Azərbaycanda inzibati məhkəmələr sistemi yaradılacaq, hər bir rayonun özünün inzibati məhkəməsi kollegial şəkildə bu mübahisələrə baxa biləcəkdir. Amma hazırkı vaxtda ən yaxşı, düzgün variant Apellyasiya məhkəmələrinin baxmasıdır.
Hörmətli həmkarım Pənah Hüseyn Apellyasiya məhkəmələrinin inzibati mübahisələrə baxması zərurətindən, Ali Məhkəmənin birinci instansiya məhkəməsi kimi bu işə baxmasından, habelə Seçki Məcəlləsində göstərilən prosessual müddətlərdən, buradakı müddətlərin arasında, səhv eləmirəmsə, uyğunsuzluq və eyniliyin olmaması məsələlərini qaldırdı. Mən bundan əvvəlki suala verdiyim cavabı yenə səsləndirmək istəyirəm. Bu gün Azərbaycanda inzibati məhkəmələr sistemi olmadığına, hər bir rayonda kollegial şəkildə bu mübahisələrə baxılmasını təmin eləməyin mümkünsüzlüyünə görə ən yaxşı variant bu cür mübahisələrə Apellyasiya Məhkəməsinin baxmasıdır. Gələcəkdə Azərbaycanda inzibati məhkəmələr sistemi yarananda, sözsüz ki, bu məsələlərə yerlərdə inzibati məhkəmələr baxacaq. Amma bu da Ali Məhkəmənin birinci instansiya məhkəməsi kimi seçkilərlə, kütləvi informasiya vasitələri və siyasi partiyalarla bağlı məsələlərə baxmasını istisna etmir. O ki qaldı Seçki Məcəlləsi ilə bağlı həmkarımın dediklərinə, Seçki Məcəlləsi bir qanun olaraq tamamilə başqa münasibətləri tənzimləyir. İnzibati Prosessual Məcəllə bir tərəfdən dövlət orqanlarının inzibati fəaliyyəti ilə bağlıdır, digər tərəfdən isə vətəndaş münasibətlərini tənzimləyir. Sözsüz ki, seçkinin nəticələrinin, yaxud da ki, siyasi partiyaların qeydiyyatının ləğv edilməsi və onların qeydə alınmasından imtina olunması məsələsi hər hansı bir inzibati orqanın idarəçilik fəaliyyəti ilə bağlı məsələdir. Sözsüz ki, bu məsələlərin xüsusi vacibliyi nəzərə alınaraq bunlara birinci instansiya kimi Ali Məhkəmə, yuxarı məhkəmə kimi Konstitusiya Məhkəməsinin baxması nəzərdə tutulub. Burada da operativlik gözlənilib. Məcəllədə Ali Məhkəmə baxandan 3 gün müddətində respublikanın Konstitusiya Məhkəməsinə şikayət verilməsi öz əksini tapıb. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mən istəyirəm, qanun layihəsinin əsas müəlliflərindən biri kimi Səyyad Kərimova söz verim. O, Milli Məclis Aparatında şöbə müdirinin müavinidir, sənəd üzərində, həqiqətən, çox əziyyət çəkibdir. Səyyad müəllim və hörmətli həmkarım Valeh müəllimlə bir yerdə biz də sənədə baxmışıq. Terminologiya məsələlərinə, sonra Pənah bəyin prosessual maddələrlə bağlı qaldırdığı məsələlərə, xahiş edirəm, onlar aydınlıq gətirsinlər. Səyyad Kərimov, buyurun.
S. Kərimov, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bəri başdan onu deyim ki, bu qanun materialının özü çox çətin bir sahəni əhatə edir. Sözün düzü, bizim qanunvericilik üçün tamamilə yeni olan bu sahə sanki novelladır. Bu baxımdan ümumi hüquqla bağlı olan, dövlət – vətəndaş münasibətlərini tənzimləyən bir məsələdir. Bu, Azərbaycan Respublikasının dövlət orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin qurulması, eyni zamanda, bu münasibətlərin qurulmasında vətəndaşların hüquqi mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılan növbəti və əhəmiyyətli addımdır. Bu sahədə silsilə islahatlar gedir.
Siz bilirsiniz ki, biz “İnzibati icraat haqqında” Qanun qəbul etmişik. Bu məcəllə korrupsiyaya qarşı mübarizə sahəsində dövlətin antikorrupsiya siyasətinin, strategiyasının tərkib hissəsidir. Valeh müəllimlə, Ziyafət müəllimlə mən də söhbət elədim. Burada bir sıra terminlər var ki, onlar, həqiqətən, bizim üçün yenidir. Biz bəzən bunların qarşılığını tapmaqda çox çətinlik çəkirik. Təəssüflər olsun ki, bizim hüquq elmi, hüquq mütəxəssisləri bu sahədə, adekvat anlayışların işlənib hazırlanması sahəsində kifayət qədər fəallıq göstərməyiblər. Bu baxımdan problemlərlə üzləşirik.
Məsələn, “publik” termini, əlbəttə, başa düşürəm ki, bizim söz deyil. Amma bu “publiçnost” sözündəndir. Onu lüğətdə “kütləvi”, “ümumi”, “ictimai” kimi də tərcümə edirik. Amma fikir verin, “publiçnaya administrasiya” ifadəsi var. “Publiçnaya administrasiya” dövlət idarəçiliyinin həyata keçirilməsi ilə bağlı olan bir termindir. İfadəni “ictimai müdiriyyət”, ya da “idarəçilik” kimi tərcümə edəndə bu, istədiyimiz mənanı deyil, tamamilə fərqli bir mənanı verir. O baxımdan ifadənin işlənmə yerindən asılıdır. Biz mətndə çalışmışıq, bunu bəzən “ümumi” sözü ilə ifadə edək. Mən başa düşürəm, bu da istədiyimiz mənanı tam şəkildə əhatə eləmir. Bizim hələ ki çıxış yolumuz yoxdur. Sadəcə olaraq, ya bu “publik” sözünə hüquqi termin baxımından vətəndaşlıq hüququ qazandırmalıyıq, ya da bunun adekvat qarşılığını tapmalıyıq. Burada təkcə “publik” deyil, bir sıra başqa terminlər də var. Bunlar beynəlxalq terminlərdir.
Mən sizə bir həqiqəti deyim. Hamımız kifayət qədər beynəlxalq konfranslarda iştirak edirik. Həmin konfranslarda, bir qayda olaraq, bir çox hüquqi terminlər bəzən latın dilinin orijinalında olduğu kimi işlədilir. Ona görə bizim qanunvericiliyi tərtib edənlər, bu sahədə məşğul olan elm adamları beynəlxalq sözləri nə qədər dərindən, ətraflı bilsələr və biz bunlara Azərbaycan dilində vətəndaşlıq hüququ qazandırsaq, mənə elə gəlir ki, ancaq irəli düşmüş olarıq.
Burada Pənah bəy bir sıra məsələləri qaldırdı. Bunlar, əslində, işlərə Apellyasiya və Ali məhkəmədə baxılmasının Konstitusiyaya uyğunluğu məsələsidir və o məhkəmə sisteminin təşkili ilə bağlıdır. Biz, deyək ki, Almaniya təcrübəsindən çox yararlanmışıq. Almaniyada inzibati məhkəmələrin ayrıca bir sistemi mövcuddur. Yəni həm birinci instansiya məhkəmələri, həm də Apellyasiya və Ali məhkəmələr var.
Biz alman mütəxəssisləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, əhəmiyyətini, bizim üçün yeni sahə olduğunu nəzərə alaraq, işlərə 3 hakimdən ibarət tərkibdə baxılmasının vacibliyi əsas götürülsün. Biz birinci instansiya kimi Apellyasiya Məhkəməsini götürdük. Bəli, bu məcəllədə elə kateqoriya işlər var ki, onlara birinci instansiya qismində Ali Məhkəmənin baxması nəzərdə tutulur. Bu da həmin işlərin əhəmiyyətinə görədir. Bura partiyalar ilə bağlı mübahisələr aiddir.
Bizim qanunvericilikdə də partiyalarla bağlı məsələlərə əvvəllər Ali Məhkəmə baxırdı. Sonra bu qaydada dəyişiklik oldu. Amma siyasi fəaliyyətlə bağlı olan bu məsələnin özünəməxsus çalarları var. Biz belə hesab etdik və xarici ekspertlər də fikrimizi dəstəklədilər ki, bu cür vacib məsələlərə yuxarı instansiya, Ali Məhkəmə səviyyəsində baxılması məqsədəuyğundur. Kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı onu deyə bilərəm ki, bu da söz və mətbuat azadlığı, fikir azadlığı ilə əlaqədar məsələdir. Bu baxımdan da həmin mübahisələrə birinci instansiya qismində Ali Məhkəmədə baxılması qənaətinə gəlmişik. Burada, əlbəttə, terminoloji baxımdan müəyyən dəyişikliklər etmək olar. Məsələni “Ali Məhkəmənin həmin işlərə birinci instansiya qismində baxması” əvəzinə “Ali Məhkəmənin müstəsna səlahiyyətləri qismində” də ifadə etmək olar. Bu da bir sıra problemləri həll edir.
Müddətlərlə bağlı məsələ. Məsələ burasındadır ki, müvafiq qanunlarda daha uzun, daha qısa müddət nəzərdə tutula bilər. Bu, həmin müddətlərlə bağlıdır. Məsələ burasındadır ki, xüsusi qanunlarda, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulduğundan ya daha qısa, ya da daha uzun müddət nəzərdə tutula bilər. Bu nə ilə bağlıdır? Məsələn, bizim “İnzibati icraat haqqında” Qanun tikintiyə dair dövlət orqanı tərəfindən qərarların qəbul olunmasının müddətlə bağlı son həddini 90 gün müəyyən edir. Amma Avropada tikinti ilə bağlı, ümumiyyətlə, müddətlər müəyyən olunmur. Çünki tikintiyə icazə verilməsi kifayət qədər araşdırmanın, ekspertizaların aparılmasını tələb elədiyinə görə orada daha uzun və ya qısa müddətlər ola bilər. Məsələn, pasportların, ya da şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müddət qısa ola bilər. Bu baxımdan xüsusi qanunlarda müəyyən olunmuş müddətlər əsas götürülməlidir.
Məsələ burasındadır ki, məhkəmə baxışının aşkarlığı prinsipi ilə bağlı hörmətli Pənah Hüseynin dediyi məsələlər, əslində, Avropa Şurasının, Almaniya və Hollandiya ekspertlərinin iştirakı ilə müzakirə nəticəsində qəbul olunmuş fikrə uyğun olaraq formalaşdırılıb. 16-cı maddədə, yəni məhkəmə baxışının aşkarlığı prinsipi ilə bağlı maddədə söhbət ondan gedir ki, proses, bir qayda olaraq, prosesdə iştirak edən ictimaiyyət nümayəndələri üçün açıq və aşkar olmalıdır.
Burada, 16.3-cü maddədə aşkarlığın məhdudlaşdırılması ilə bağlı bir sıra əsaslar sadalanır. Həmin əsaslardan biri də proses iştirakçılarının və digər şəxslərin həyati sağlamlığı və azadlığına təhlükə ilə bağlıdır. Ola bilsin ki, prosesdə şahid qismində bu və ya digər şəxs iştirak etməlidir. Həmin şahidin kimliyinin müəyyən olunması onun gələcək həyatı üçün təhlükə törədə bilər. Əgər yadınızdadırsa, biz keçən çağırış Milli Məclisin sessiyasında şahidlərin və bir sıra proses iştirakçılarının müdafiəsi ilə bağlı qanun qəbul etmişdik. Bizdə belə bir qanun artıq var.
Burada qeyd olunan digər bir məsələyə – audio, video yazıların aparılmasına icazə verilməsinə, əslində, Avropa məhkəmələrində münasibət belədir ki, bu məsələlərin həlli prosesi aparan məhkəmə heyətinin diskret səlahiyyətinə verilir. Yəni bu, normal bir şeydir və burada imperativ norma müəyyən etmək mümkün deyil. Bu, prosesin bir sıra xüsusiyyətlərinin nəzərə alınmasını istisna eləyir. Bu baxımdan Avropada məhkəmə heyətinə belə diskret səlahiyyət verilməsi normal bir haldır. Odur ki, məhkəmə prosesin aparılmasının ictimai əhəmiyyət kəsb elədiyini nəzərə alaraq, audio, video yazının aparılmasına icazə verə bilər. Amma bu o demək deyil ki, bütün hallarda belə icazə verilməlidir.
Prosesin aparılmasının özünün də müəyyən qaydaları var. Bu qaydalar proses nəticəsində iş üzrə obyektiv həqiqətin müəyyən olunmasına xidmət eləməlidir. O baxımdan burada nəzərdə tutulan əsas məsələ ictimai maraqların təmin olunmasıdır. Seçki məsələləri ilə bağlı mübahisələrə baxılması məsələsi ilə bağlı həm Milli Məclis Aparatının rəhbəri Səfa müəllimlə, həm də Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakıdakı nümayəndələri ilə bu məsələni müzakirə elədik və seçkiyə dair məsələlərin inzibati məhkəmələrin aidiyyətinə verilməsi barədə xüsusi qanun hazırlanmasını nəzərdə tutduq. Çünki seçki, bilirsiniz ki, çox mühüm və vacib məsələdir. Həqiqətən də, orada bir çox məsələlər xüsusi nizamlanmanı tələb edir. Bu baxımdan seçki ilə bağlı məsələlərə baxılması qaydasını müəyyən edən xüsusi bir qanun layihəsi hazırlanacaq və həmin hüquqi akt sonradan bu layihəyə əlavə olunacaqdır.
Sədrlik edən. Təşəkkür edirəm, Səyyad müəllim. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Məcəllənin layihəsi ən qabaqcıl təcrübəyə, Avropanın tələblərinə uyğun olaraq hazırlanıbdır. Buna heç bir şübhə yoxdur. Siz bu layihəni diqqətlə oxuyubsunuz, onu qəbul edəcəyimizə heç kimdə şübhə olmasın.
İkinci, Səyyad müəllim “publiçnost” sözünü işlətməsəydi, mən davam etməyəcəkdim. Təklif verərdim ki, səs verək, qəbul edək.
Səyyad müəllim, problem bilirsiniz nədədir? Hamınız məktəbi rus dilində bitirmisiniz, rus dilində də kitablar oxuyursunuz. Ona görə də neçə hüquqşünasa sual vermişəm ki, “publik” nə deməkdir, deyirlər, publiçnı. Heç kəs onu fransız, ispan dillərində demir. Hamı rus dilindən bu sözün tərcüməsi olmadığını söyləyir. İngilis, fransız dillərində izahlı lüğəti açın, bu sözün 17–18 cür mənası var. Niyə bu mətndə hər yerdə bir cür, yəni ayrı-ayrı sözlər işlənilsin? Yazıbsınız: “publik maraqlar”. “İctimai maraqlar” yazmaq olmazmı? Gərək elə bir söz olsun? Yəni ayıbdır. Gəlin, “ pupliçnost” sözünü aradan qaldıraq və çox mükəmməl, çox gözəl şəkildə hazırlanmış bu qanun layihəsinə səs verək, onu qəbul edək.
Sədrlik edən. Təşəkkür edirəm. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən Pənah bəyin qaldırdığı məsələyə bir də qayıtmaq istəyirəm. Ona görə ki, verilən cavablar, məncə, qənaətbəxş olmadı.
Burada Pənah bəy qeyd etdi ki, hüquqşünas deyil. Amma hüquqşünas olmasa da, hər halda kifayət qədər, mən hesab edirəm ki, ciddi bir məsələyə toxundu. Söhbət Ali Məhkəmənin Apellyasiya məhkəmələrinin birinci instansiyada məsələyə baxmasının Konstitusiyaya zidd olmasından gedir. Buna cavab verilmədi ki, niyə Konstitusiyaya zidd olduğu halda belə yazılıb? İndi Almaniyanın hər hansısa eksperti gəlib deyər ki, yazılan qanun beynəlxalq tələblərə, standartlara uyğundur, yaxud çox demokratikdir deyə, biz onu əsas götürəcəyik? Demokratik ola da bilər, maraqlara cavab verə də bilər, amma hakim çatışmır deyə, biz Konstitusiyaya zidd müddəanı salacağıq qanuna? Məncə, bu, doğru deyil. Bizdə onsuz da hakimlərin səlahiyyət müddətləri artıq bitibdir. Çoxu yenidən təyin olunmur və bu da ictimaiyyət arasında ciddi narazılığa səbəb olur. Mətbuat da bu barədə yazır. Çox təəssüf ki, müvafiq orqanlar tərəfindən də buna reaksiya verilmir.
Konstitusiya mənim əlimin altındadır, onun 131-ci maddəsini açıb oxuyuram, millət vəkillərindən xahiş edirəm, kimdə varsa, açıb baxsın. Burada belə qeyd olunur: “Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir”. İmperativ formada, yəni burada əlavəyə yer yoxdur ki, biz deyək, bu, xüsusi səlahiyyət qaydasında hansısa işə baxır və sair. Yəni birbaşa Konstitusiyada göstərilir ki, bu məsələlərə kassasiya qaydasında baxır.
Bizim Seçki Məcəlləsində də var ki, bir çox məsələlərlə bağlı Apellyasiya Məhkəməsi işlərə birinci instansiya məsələsi kimi baxır, o da Konstitusiyaya ziddir. Ona görə yenə də Konstitusiyada qeyd olunur ki, Apellyasiya məhkəmələri yuxarı instansiya məhkəmələridir. Rayonlarda hakimlər çatışmırsa, gəlin, hakimlərin sayını artıraq. Rayonlarda hakimlərin sayını artıraq və onlara birinci instansiya məhkəmələri kimi inzibati icraat işlərinə baxmaq səlahiyyəti verək, kompleks şəkildə bu məsələləri həll edək.
Mən hesab edirəm ki, biz bu məcəllə layihəsini ikinci oxunuşda müzakirə edərkən ayrı-ayrı maddələr üzrə qaldırılmış, qaldırılmamış məsələlərlə bağlı fikirlərimizi bildirəcəyik. Biz indi qanun layihəsini konseptual baxımdan müzakirə edirik. Növbəti oxunuşda bu prinsipial məsələyə, yəqin ki, diqqət yetiriləcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdur ki? Yoxdur. Mən də iki məsələyə öz münasibətimi bildirmək istəyirəm. Birinci, terminologiya məsələsinə.
Hesab edirəm ki, Səyyad müəllim, Valeh müəllim burada məsələni tamamilə düzgün qoyur. Məsələn, 1-ci maddədə yazırsınız ki, bu məcəllə inzibati (publik) hüquq. Mən başa düşürəm, beynəlxalq hüquqda bölgülər var: ümumi, xüsusi hüquq sahələri var. Rus dilində onlar “publiçnaya prava” və “çastnaya prava” adlanır. “Publiçnaya prava”nın özünə də daxil olan hüquq sahələri var. Bunu hüquqşünaslar yaxşı bilirlər. Amma burada məcəllə başlayan kimi “inzibati publik” yazırıq. Bu, ümumi hüquqa aiddir. Hər hansı bir hakim baxsa, deyəcək ki, belə yazmağın bura nə dəxli var? Mən hesab edirəm ki, bu terminologiya ilə bağlı məsələ elmi hüquq ədəbiyyatının işidir. Bunu hüquq ədəbiyyatının, hüquqşünas alimlərin ixtiyarına verək. Bunlar əsərlərində bu məsələyə vətəndaşlıq hüququ qazandırandan sonra həmin termini qanuna gətirmək olar. Amma bu, ədəbi dilin seçmə, əvəzetmə mərhələsindən çıxmayıbdır. Vətəndaşlıq hüququ almayıbdır, biz isə artıq onu qanuna daxil edirik. Ona görə də hesab edirəm ki, bu tipdən olan digər terminlər də hər halda müzakirələrdən sonra qanuna çıxmalıdır.
İkinci məsələ ilə bağlı. Burada tamamilə düzğün dedilər, bizim Konstitusiyada göstəriş var ki, Ali Məhkəmə birinci instansiya məhkəməsi ola bilməz. Bu, artıq ləğv olunubdur. 1995-ci il Konstitusiyasından sonra Ali Məhkəmə işlərə ancaq kassasiya qaydasında baxa bilər. İndi bunu hansı cəhətdən əsaslandırsaq belə, mümkün olan şey deyil. Bizim Konstitusiya ali hüquqi qüvvəyə malik bir sənəddir. Ona görə də hesab edirəm ki, burada Konstitusiyaya zidd məsələ qəbul oluna bilməz. Bu qədər. Təkliflər ikinci oxunuşda nəzərə alınacaq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ. Dövlət torpaqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvləri olan deputatların təşəbbüsü ilə hazırlanmış Dövlət torpaqları haqqında qanun layihəsi təqdim olunur. Belə bir layihənin hazırlanması hələ ulu öndərimiz Heydər Əliyevin 1996-cı ildə imzaladığı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda nəzərdə tutulmuşdur. Bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılır ki, üç ay müddətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn dövlət torpaqları haqqında, Bələdiyyə torpaqları haqqında, İpoteka haqqında Azərbaycan Respublikasının qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun dövlət torpaqlarından bəhs edən 6-cı maddəsinin üçüncü hissəsində və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin dövlətin torpaq üzərində mülkiyyət hüququndan bəhs edən 46-cı maddəsinin 3-cü bəndində göstərilir: “Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.” Üç qanundan ikisi – “Bələdiyyə torpaqları haqqında” və “İpoteka haqqında” qanunlar artıq xeyli müddətdir ki, qəbul olunubdur.
Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Dövlət torpaqları haqqında qanun layihəsi Milli Məclisə təqdim edilməmişdi. Qanun layihəsinin hazırlanmasını zəruri edən səbəblərdən biri də odur ki, Azərbaycan Respublikasının vahid torpaq fondunun 8,6 milyon hektarının təqribən 55,8 faizini, yəni 4,9 milyon hektarını dövlət mülkiyyətində olan torpaqlar təşkil edir.
Dövlət mülkiyyətində vahid torpaq fondunu təşkil edən 7 kateqoriyadan olan torpaqlar vardır. Hazırda bunlardan 1 milyon 950 min hektarı kənd təsərrüfatına yararlı, 1 milyon 300 min hektarı meşə və 1 milyon 930 min hektarı başqa kateqoriyalara aid olan torpaqlardır. Meşə və su fondunun, xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları, demək olar ki, dövlət mülkiyyətində olan torpaqlardır. Buna baxmayaraq, dövlət torpaqlarının idarə edilməsi, istifadəsi, mühafizəsi qaydalarının hüquqi əsaslarını müəyyən edən və bu torpaqlarla bağlı münasibətləri tənzimləyən vahid qanun yoxdur. Bu məsələlər müxtəlif qanunlarda çox qısa formada əks olunmuşdur.
Bəzi sahə qanunlarında, məsələn, Su Məcəlləsi, Meşə Məcəlləsi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunda dövlət mülkiyyətində saxlanılan uyğun kateqoriyaya aid edilmiş torpaqlar haqqında müəyyən məsələlər ümumi formada əks olunmuşdur. Bundan başqa, Torpaq Məcəlləsində və “Torpaq islahatı haqqında” Qanunda dövlət mülkiyyətində saxlanılan torpaqlar haqqında müddəalar vardır. Lakin onlarda dövlət torpaqlarının idarə olunması, istifadəsi və digər məsələlər həm geniş əksini tapmamış, həm də bəzi hallarda ziddiyyətli məqamlar vardır.
Dövlət torpaqları haqqında qanunvericiliyin bazasının pərakəndəliyi bu torpaqların idarə olunmasına, istifadəsinə və mühafizəsinə məsuliyyət daşıyan hüquqi şəxsləri bir çox hallarda çətinliklərlə qarşılaşdırır. Çoxsaylı normativ hüquqi sənədlərdə göstərilmiş müddəalar dövlət torpaqları üzərində torpaq münasibətlərinin tənzimlənməsində hərc-mərcliyin hökm sürməsinə, torpaqların məqsədli təyinatına uyğun olmayan istifadəsinə, qanunazidd şəkildə özəlləşdirilməsinə səbəb olmuşdur. Digər tərəfdən dövlət torpaqlarının inventarlaşdırılmasının aparılmaması, sənədlərdə göstərilənlərlə faktiki istifadə olunan torpaqlar arasında uyğunsuzluğun mövcud olması, qeyri-qanuni istifadə və digər qanunazidd hərəkətlər dövlət torpaqları haqqında məlumatların etibarlı olmadığını göstərir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatı təyinatlı torpaqların əhəmiyyətli rol oynamasını nəzərə alaraq onların ehtiyatının qorunub saxlanması mühüm vəzifələrdən biridir. Bu mənada kənd təsərrüfatına yararlı torpaqların ehtiyatının əsas hissəsinin dövlət mülkiyyətində, – otlaqlar da daxil olmaqla, – saxlanması onlardan daha səmərəli istifadənin ən mühüm vəzifə olduğunu göstərir. Bu vəzifəni isə ciddi müddəalara əsaslanan qanunvericilik bazası olmadan yerinə yetirmək çətindir.
Qeyd olunanları nəzərə alaraq Dövlət torpaqları haqqında qanun layihəsi hazırlanmış və müvafiq təşkilatlara rəy almaq üçün göndərilmişdir. Layihə barədə Ədliyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika, Müdafiə, Rabitə və İnformasiya Texnologiyaları, Nəqliyyat, Mədəniyyət və Turizm nazirliklərinin, Torpaq və Xəritəçəkmə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitələrinin, Dövlət Sərhəd Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Səhmdar cəmiyyətlərinin, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron və Quba rayonlarının icra hakimiyyətlərinin, habelə digər təşkilatların rəy və təklifləri alınmışdır.
Qanun layihəsinin rəylərə əsasən işlənilməsi üçün müvafiq nazirliklərin və təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılmış və layihəyə bir neçə dəfə işçi qaydasında baxılmışdır. Nazirlik və təşkilatlardan daxil olmuş rəy və təkliflərə işçi qrupunda baxılmış, qanun layihəsi yenidən hazırlanarkən nəzərə alınmışdır. Bildirmək istəyirəm ki, layihə may ayının 16-da Aqrar siyasət daimi komissiyasında müvafiq nazirliklərin nümayəndələri ilə birgə geniş müzakirə edilmiş və Milli Məclisdə baxılmaq üçün tövsiyə edilmişdir.
Qanun layihəsi 6 fəsil və 26 maddədən ibarətdir. Bu qanun dövlət mülkiyyətində olan torpaqların idarə edilməsinin, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir və bu torpaqlar üzərində hüquq münasibətlərini tənzimləyir. Qanun layihəsinin I fəsli ümumi müddəalara həsr olunmuşdur. 3-cü maddədə dövlət torpaqlarının tərkibi barədə müddəalar öz əksini tapmışdır. Dövlət torpaqlarına aşağıdakı torpaqlar aid edilmişdir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının torpaqları; dövlət meşə fondu torpaqları (dövlət obyektlərinin və kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); dövlət mülkiyyətində olan su fondu torpaqları; xüsusi qorunan ərazilərin torpaqları; dövlət elmi tədqiqat və tədris müəssisələrinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının torpaqları; dövlət ehtiyat fondu torpaqları.
Dövlət torpaqlarının tərkibinə xüsusi mülkiyyətdə olan torpaqların mülkiyyətçisi tərəfindən bağışlanan torpaqlar, ehtiyac yarandığı hallarda vətəndaşlardan və bələdiyyələrdən satın alınan və qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə edilən torpaqlar daimi və ya müvəqqəti daxil ola bilər. Bu torpaqlar məqsədli təyinatına uyğun olaraq 3.2-ci maddədə göstərilən dövlət torpaqlarından hər hansı birinin tərkibinə daxil edilir.
Layihənin II fəslinə aid 4–12-ci maddələrində dövlət torpaqlarının tərkibinə daxil edilən bütün torpaqlar məqsədli təyinatı üzrə bir-bir açılır: onlar hansı torpaqlardır, nəyin altındadır, nə üçün verilmişdir, necə istifadə olunmalıdır, özəlləşdirilə bilərmi, başqalarına istifadəyə və ya icarəyə vermək olarmı kimi xüsusiyyətləri göstərilmişdir.
Layihənin III fəsli dövlət torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin xüsusiyyətlərindən bəhs edir. 13-cü maddədə göstərilir ki, dövlət torpaqlarının bələdiyyə və xüsusi mülkiyyətə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Bələdiyyə mülkiyyətinə aşağıdakı dövlət torpaqları verilə bilər: dövlət ehtiyat fondu torpaqları; bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının torpaqları; yerli əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərinin torpaqları; bələdiyyə ehtiyaclarını ödəmək üçün tələb olunan yay və qış otlaqlarının torpaqları; meşə və yaşıllıq zonalarının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatına az yararlı və yararsız dövlət torpaqları.
Yerli əhəmiyyətli xüsusi qorunan ərazilərin torpaqları bələdiyyələrin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilə bilər. Aşağıdakı dövlət torpaqları xüsusi mülkiyyətə verilə bilər: özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri; 2001-ci il yanvarın 1-dən bu qanun qüvvəyə mindiyi günədək hüquqi və fiziki şəxslər tərəfindən qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət ehtiyat fondundan onların texniki layihə sənədlərinə və torpaqayırma normalarına uyğun və qanunvericilikdə nəzərdə tutulan qaydada ayrılmış torpaq sahələri; dövlət ehtiyat fondunun tərkibində hüquqi və fiziki şəxslərin mülkiyyətinə satılmaq üçün nəzərdə tutulmuş xüsusi torpaq fondunda olan torpaqlar; təbii proseslərin zərərli təsiri nəticəsində münbitliyini itirərək təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılıb dövlətin ehtiyat fonduna keçirilmiş və qanunvericilikdə nəzərdə tutulan qaydada əvəzi ödənilməklə konservasiya edilib yararlı hala salınmış torpaq sahələri.
Dövlət torpaqlarının xüsusi mülkiyyətə verilməsi sahibkarlığın inkişafı məqsədi ilə alğı-satqı formasında qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 14-cü maddədə dövlət torpaqları hüquqi və fiziki şəxslərə daimi və ya müvəqqəti istifadə, habelə icarə hüququnda verilmə məsələləri öz əksini tapmışdır. 15-ci maddədə dövlət torpaqları mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, bir qayda olaraq, icarə hüququ əsasında verilir. Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, təbiəti mühafizə, təbii-qoruq, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş və ya məhdudlaşdırılmış qanunla qorunan digər ərazilərin torpaqları istisna olmaqla dövlət mülkiyyətində olan başqa torpaqlar qanunvericilikdə nəzərdə tutulan qaydada icarəyə verilə bilər.
Qanun layihəsinin IV fəsli dövlət torpaqlarından istifadənin ümumi qaydaları, V fəsli isə dövlət torpaqlarının idarə edilməsi və mühafizəsi ilə bağlı məsələlərə həsr edilmişdir.
Layihənin VI fəslində dövlət torpaqları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar öz əksini tapmışdır. Hörmətli deputat həmkarlarım! Mən bu qısa çıxışımla çalışdım ki, qanun layihəsinin vacibliyini və prinsipial müddəalarını diqqətinizə çatdıra bilim. Hesab edirəm ki, layihə birinci oxunuşun tələblərinə uyğun gəlir və konseptual baxımdan Milli Məclisə müzakirə üçün təqdim oluna bilər. İnanıram ki, hörmətli deputat həmkarlarım, qanun layihəsi barədə sizin mülahizələriniz, dəyərli təklif və rəyləriniz layihənin təkmilləşdirilməsinə böyük kömək göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Əli Məsimli.
Ə. Məsimli. Sağ olun. Hörmətli cənab Ziyafət müəllim, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirəyə təqdim olunan qanun layihəsi fundamental xarakter daşıyan bir qanun layihəsidir, hesab edirəm ki, ciddi xarakter daşıyır. Burada qaldırılan məsələlərə üç nöqteyi-nəzərlə münasibətimi bildirmək istəyirəm: qanun layihəsinin konsepsiyası ilə bağlı; dövlət torpaqlarının real vəziyyəti və qanun layihəsində öz əksini tapan maddələr arasında nisbət; bu qanunun başqa müvafiq qanunlarla əlaqəsi və fəaliyyət dairəsi.
Birinci məsələ ilə bağlı bir sıra ciddi xarakterli müsbət məqamlar var, yəni konsepsiya düzgün qurulmuşdur. Ümumiyyətlə, mülkiyyət münasibətlərinə dair nəzəriyyənin zəif olması hələ sovet dövründən heç kimin olmayan mülkiyyətin dövlət mülkiyyətinə şamil edilməsi halları mövcud idi. Sahibsiz dövlət mülkiyyəti məsələsi məhz burada da öz əksini tapıbdır. Həm preambula, həm də bilavasitə qanunun 2.1-ci maddəsində dövlət mülkiyyətində olan torpağın hüquqi əsası göstərilir. Burada çatışmazlıq açıq-aydın görünür.
Mülkiyyət münasibətləri deyəndə hər şeydən əvvəl sahiblikdən, sərəncam və istifadə münasibətlərindən söhbət getməlidir. Qanun layihəsində sahiblik münasibətləri arxa plana çəkildiyinə görə istifadə münasibətləri də eyni dərəcədə arxa plana keçmişdir. Burada yalnız və yalnız sərəncamdan irəli gələn münasibətlərə ön planda yer verilmişdir. Bəs real həyatda dövlət mülkiyyətinin vəziyyəti necədir? Bu qanunun maddələrinə baxaraq suala cavab verəndə, xeyli dərəcədə problemlər əmələ gəlir. Statistikaya görə bu gün dövlət mülkiyyətində olan torpaqlar 56,9 faiz, bələdiyyə mülkiyyətində olan torpaqlar 23,5 faiz, xüsusi mülkiyyətə verilən torpaqlar isə 19,6 faiz təşkil edir. Bu rəqəmlər dəyişir.
Eldar müəllimin çıxışından göründüyü kimi, dövlət mülkiyyətində olan torpaqların bir hissəsi bələdiyyə və xüsusi mülkiyyətə verildiyinə görə artıq 56,9 faiz 55,8 faizə enibdir. Onda belə bir məsələ meydana çıxır. 2.1-ci maddəyə baxırıq. Burada dövlət torpaqlarının tərifi texniki xarakter daşıyır. Bələdiyyələrin və xüsusi mülkiyyətdən geridə qalan torpaqlar dövlətin sayılır. Bu da metodoloji cəhətdən çox səhvdir. Dövlətin öz funksiyalarını yerinə yetirməsindən ötrü torpaq üzərində sahiblik sərəncamdan istifadə nisbətlərini həyata keçirmək hallarında yaranmalıdır.
Bu, birinci oxunuş olduğuna görə mənim iradlarım necədirsə, o formada qeyd etmirəm. İkinci oxunuşda bu məqama diqqət yetirilməlidir. Əks halda növbəti bir sual çıxır ki, əgər məsələ bu cür qoyulsa, beş ildən sonra Azərbaycanda dövlət mülkiyyətində torpaq qalacaqmı? Bu məsələnin nəzəriyyəsini işləyib bilavasitə qanunun əsasına çevirmək, hesab edirəm ki, hava və su kimi vacib məsələdir.
İkinci, toxunmaq istədiyim məsələlər qanunda real həyatla bağlı nəzərdə tutulan müddəalarla bağlıdır. Burada da ziddiyyətli məqamlar var. Mən maddələrin hamısını nəzərinizə çatdırmayacağam. 4-cü maddənin 3-cü və 4-cü bəndlərini müqayisə edəndə görürük ki, bir tərəfdən dövlət torpaqlarını daimi istifadəyə vermək olmaz, digər tərəfdən belə çıxır ki, özəlləşdirilə bilər. İkinci tərəfin ziddiyyətini aradan qaldırmaq üçün əlavə izahatlara ehtiyac var. Növbəti məsələ. Özəlləşdirilməsi, özgəninkiləşdirilməsi, istifadəyə verilməsi mümkün olan dövlət torpaqlarını birdən-birə bu qanuna görə bələdiyyətlərə verib, sonra onu özəlləşdirmək mümkündür. Əlbəttə, burada deyilən üsul boşluqda qalır.
Biz bunlarla nəyə gəlib çıxacağıq? Kitabxananı kababxana etmişik, bir müddətdən sonra bizə kitabxana lazım olanda pulunu verib onu təzədən almalıyıq. Bu ciddi məsələdir ki, strateji xarakter daşıyan dövlət torpaqlarının toxunulmazlığı burada öz əksini tapmalıdır.
Növbəti bir məsələ – dövlət torpaqlarını pulla, inzibati yolla geri almaq olur. Əzizbəyov adına metro stansiyasının ətrafında baş verən hadisələr nəyi göstərir? O yerləri tutmağa icazə verilmişdir, ondan sonra geri alındı, dağıdıldı. Bakı–Tbilisi–Ceyhan xəttindən strateji obyektimiz varmı? Həmin sahənin pulu verildi, alındı. Yavaş-yavaş mülkiyyət münasibətlərində eramızdan əvvəlki tarixə qayıtmalı olacağıq. Mülkiyyət münasibətlərində mülkiyyət müqəddəsdir. Sahibi onu necə alıb, Allah bilir. Alıbsa, mütləq onun qaytarılmasında əvəzi ödənilmə prinsipi tətbiq olunmalıdır. Mülkiyyət münasibətlərinin tənzimlənməsində beynəlxalq hüquqda, beynəlxalq münasibətlərdə olan böyük hərflə yazılmış mədəniyyət öz əksini tapmalıdır.
Digər bir məsələni də burada xüsusi qeyd etmək lazımdır. Yay və qış otlaqları dövlətin meşə fondunun ehtiyat torpaqlarıdır. Bu qanunda nəzərdə tutulan və real həyatda sadaladığım 3 kateqoriyadan bir əsər-əlamət varmı? Bu istiqamətdə ciddi çalışmaq lazımdır.
Azərbaycan çox zəngin bir ölkədir və əhalisinin sayı ilə sərvəti tərs mütənasibdir. İki problemimiz var: su və meşə. Həsən bəy Zərdabinin bir sözü var ki, o ölkənin ərazisinin 25 faizi meşə ilə əhatə olunmayıb, orada daimi səmərəsini göstərən əbədi inkişafdan söhbət gedə bilməz. Bu gün Azərbaycanda meşələrin sahəsi statistikada ümumi ərazinin 11, 13 faizini təşkil edir. Reallıqda isə dediyim rəqəmdən ən azı iki dəfə azdır. Ona görə Meşə Məcəlləsinə də meşələrin inkişaf etdirilməsinə, dövlətin həmin torpaqlarının qorunub saxlanılmasına, bunlarla bağlı işlərin görülməsinə dair maddələrin salınmasını vacib hesab edirəm.
Xüsusi qorunan ərazilərdə dövlət torpaqları bizim mədəniyyətimizdir. Həmin mədəniyyət çox mədəni formada da dağıdılır. Ona görə də burada qanunvericiliyin sərt elementlərindən istifadə edilməlidir. Axırıncı maddəyə baxanda məlum olur ki, dövlət torpaqlarından qanunvericiliyə zidd istifadə olunanda orada həm cərimə, həm də inzibati qaydada cinayət tərkibli məsuliyyətə cəlb etmək olar. Sual olunur: əgər Azərbaycanın qanunvericiliyində belə maddələr varsa, niyə bu indiyə qədər tətbiq olunmayıb? Bu gün çoxmərtəbəli evlərin həyətlərini zəbt etmək, evlər tikmək düzgün deyil. Nə qədər bu cür məsələlər var, bunların tənzimlənməsi istiqamətində işlər görülməlidir.
Nəhayət, bu qanun Azərbaycanın onlarla qanunu ilə əlaqəlidir. Mütləq bu qanunla əlaqəli olan qanunlarda da məsələnin necə qoyulmasını vacib hesab edirəm. Birinci, əgər bu qanun əsaslı, hərtərəfli, əhatəli, hüquqi sənəddirsə, burada dövlət torpaqlarına münasibətin konseptual əsasları ortada olmalıdır. İkinci, bu qanun qüvvəyə minən zaman digər qanunlarda hansı əlavə və dəyişikliklərin edilməsi məsələsinə münasibəti də deputatlar bilsələr, onda paket halında bu qanunu qəbul edib, onun işləmə mexanizmini daha mükəmməl qura bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səfər Məmmədov.
S. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən bu qanunu diqqətlə oxumuşam. Bir neçə iradım var. Eldar müəllimə təşəkkür edirəm ki, belə bir vacib qanun layihəsini vaxtında müzakirəyə çıxarıbdır.
Mən burada başqa iradları deməyəcəyəm. 10-cu maddəyə xüsusi bir təklifim var. Bu maddə toxumçuluq və damazlıq təsərrüfatlarında saxlanan torpaqlara aiddir. Həmin maddənin 3-cü bəndində yazılıb: “bu qurumların torpaqlarının başqa məqsədlər üçün geri alınmasına və özəlləşdirilməsinə yol verilmir…” Ardını oxumuram. Əgər bu damazlıq təsərrüfatları işin öhdəsindən gələ bilmirsə, özünü doğrultmursa, onda necə? Mən əyani bir misal deyim. Beyləqan rayonunda bu gün dövlət fondunda 9 min hektar torpaq saxlanılır. Ziyafət müəllim, Siz Beyləqanı gözəl tanıyırsınız, orada dəfələrlə olmusunuz. Orada heç bir fabrik, zavod yoxdur. Ora sırf kənd təsərrüfatı rayonudur.
Mən başqa təsərrüfatlarda saxlanan torpaq haqqında heç nə demək istəmirəm. Bizdə bir damazlıq təsərrüfatı saxlanılır. Bu təsərrüfatın 6100 hektar sahəsi var. Onun cəmi-cümlətani 3600 baş keçmişdən qalmış qoyunu var. Təsərrüfatın maksimum halda 3000 hektara qədər torpağı əkməyə gücü çatır, ondan artığa çatmır. Bu gün gedib baxsanız, 3000 hektardan artıq sahədə ancaq qamış bitir. Orada qamışdan başqa heç nə yoxdur. Ona heç kim yiyə də durmur, torpaq suvarılmır, əkilmir və icarəyə verilmir. Bu gün həmin təsərrüfatdan Kənd Təsərrüfatı Nazirliyinə, Nazirlər Kabinetinə, Prezident Aparatına hər gün çoxlu sayda şikayətlər gəlir. Bu maddə əgər burada qalırsa, deməli, onu nə icarəyə vermək, nə də qismən özəlləşdirmək olar. Heç olmasa, burada müəyyən düzəliş edilsin. Əgər təsərrüfat özünü doğrultmursa, qismən özəlləşməyə getsin, pay torpağı kimi orada yaşayan insanlara icarəyə verilsin, onlar da bundan istifadə eləyib öz ailələrini saxlaya bilsinlər. Ancaq qanun layihəsinin indiki maddəsində buna artıq yol verilmir.
Bundan əlavə, başqa təsərrüfatda bu gün 1200 hektar torpaq saxlanılır. Onun kimlər tərəfindən əkildiyi, necə əkildiyi məlum deyil. Bircə adam desin ki, Beyləqan rayonunda toxumçuluq üçün bu qədər torpaq saxlanıb və biz oradan toxum almışıq. Mən Eldar müəllimdən xahiş edərdim ki, 10.3-cü maddəyə bir də baxılsın və mümkündürsə, ora bir cümlə, yaxud bənd əlavə edilsin. Torpaq icarəyə verilsə, camaat onu qoruyub saxlayar.
3000 hektar dövlət torpağı bu gün başlı-başına qalıb, heç nədən ötrü istifadə olunmur. Beyləqan rayonunun torpaqlarını iki tərəfdən – Qarabağ kanalından və Arazdan suvarmaq mümkündür. Bu cür torpaqları belə görəndə adamın ürəyi ağrıyır. Vaxtilə bu torpaqlardan ən aşağısı 35–40 sentner taxıl götürülürdü. Təsərrüfatlarda 22 min, 30 min baş qoyun bəslənirdi. Amma bu gün cəmi 3500 baş heyvan var, o da qalıb yiyəsiz.
Mən sizə misal çəkim ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçən il həmin təsərrüfatda müqəssir adı ilə xeyli həbs elədi. Çox sağ olsun, bizim hörmətli millət vəkili Mehriban xanım Əliyeva onlara kömək etdi. Müqəssir bilinib həbs olunanlar amnistiya haqqında verilən fərmana düşdülər və buraxıldılar. Bu gün də o təsərrüfatda həmin vəziyyət davam edir. Eldar müəllimdən xahiş edərdim, bu maddəyə nəzər yetirsin və bura düzəliş edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Ümumiyyətlə, bu qanun layihəsi çox lazımlıdır, amma onun qəbulunda biz bir qədər gecikmişik.
Eldar müəllim öz çıxışında qeyd elədi ki, 56,9 faizə yaxın dövlət mülkiyyətində olan torpaq var. Amma mən buna şübhə ilə yanaşıram. Çünki bizim aldığımız şikayətlərə görə, faktiki olaraq, dövlət torpaqlarının da əksər hissəsi paylanıb, xüsusi mülkiyyətə verilib. Ya icarə formasında, ya da başqa formada Azərbaycanda dövlət torpaqları bu gün talanıb. Amma bütün bunlara baxmayaraq, mən elə hesab edirəm ki, bu qanun qəbul olunmalıdır. Qəbul olunmamışdan qabaq bunun bir konsepsiyası müəyyən olunmalıdır.
Biz, – bayaq Əli müəllim də qeyd elədi, – bu torpaqları yavaş-yavaş bələdiyyəyə verəcəyiksə və xüsusi mülkiyyətə çevirəcəyiksə, vaxt gələcək, dövlət torpağı qalmayacaq. Mənim bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə söhbətim oldu. Mən ona kənd təsərrüfatı məhsulunun get-gedə niyə aşağı düşməsi barədə sual verdim. O, izah elədi ki, azad insanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. İkinci tərəfdən, əkinçilik üçün yararlı torpaqlar yoxdur. Azərbaycanda belə torpaqlar həddən artıq azdır. Dediyim torpaqların üzərində işləmək, onları əkib-becərmək üçün xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə vermək lazımdır.
Bu qanun layihəsinin bir sıra maddələrində fikir ayrılığı var. Mən bir neçə məsələyə öz münasibətimi bildirmək istərdim. Birinci, yay və qış otlaq sahələri ilə əlaqədar, Ziyafət müəllim, bu gün məhkəmələrdə çox işlərə baxılır. Mənim millət vəkili seçildiyim Quba rayonundan 4 iş, bilirəm ki, məhkəmədə var. Onlara Ali Məhkəmədə, Apellyasiya Məhkəməsində baxılır. İnsanlar 35–40 ildir ki, öz heyvanlarını Hacıqabul, Əli Bayramlı və digər rayonlarda saxlayırlar. Faktiki olaraq, qış otlaq sahələrini həmin rayonların icra hakimiyyətləri müəyyən yollarla götürüb camaata paylayırlar. İnsanlar bilmirlər ki, heyvanlarını qışda hara aparsınlar. Bu işlə əlaqədar mən Ali və Apellyasiya məhkəmələrinin sədrləri və digərləri ilə görüşmüşəm, amma heç bir xeyri yoxdur. İnsanlar otlaq sahələri sarıdan çox pis vəziyyətə düşüblər.
Məhkəmələrə müraciətlərdə, müraciətlərin həllində qeyri-obyektivlik var. İndi biz məhkəmələrin hakimlərini burada, yəqin ki, təsdiq edəcəyik. Məhkəmələrlə əlaqədar şikayətlər həddən artıq çoxdur. Mənim özümdə şəxsən çoxlu sayda şikayət var. Burada bir maddədə qeyd olunur ki, yay və qış otlaq sahələri icra hakimiyyəti orqanlarının ixtiyarına verilir. Bu, ciddi məsələdir.
Mən Hacıqabulla əlaqədar olaraq adi bir misal göstərdim. Oranın icra hakimiyyəti ilə danışmışam, amma xeyri yoxdur. Torpaq sahələri tutulur, icarəyə verilir və başqa neqativ yolla kənar adamlara satılır. Su fondu torpaqları ilə əlaqədar keçən dəfə, mənim yadıma gəlmir, hansısa qanunu müzakirə eləyəndə, Xəzərsahili torpaq sahələri ilə əlaqədar 80–130 metr məsələsinə toxunduq.
Ümumiyyətlə, – Eldar müəllimdən də xahiş edərdim, – burada bir konkret rəqəm göstərmək lazımdır. Bunu ya 130 metr, ya da 150 metr yazmaq lazımdır. 80–130 metr göstərməklə burada müəyyən əliəyriliyə yol üçün nəsə pəncərə saxlayırıq. Niyə bunu 130 metr saxlamırıq? Dənizdən 130 metr aralı məsafədə heç nə tikmək olmaz. Bu, dövlət torpağıdır, su fondu torpaqlarıdır, toxunulmazdır. Mən elə hesab edirəm ki, buna baxmaq lazımdır.
Burada kateqoriyanın dəyişdirilməsi ciddi məsələdir. Belə çıxır ki, istənilən dövlət torpağının kateqoriyasını dəyişdirməklə onu dövlət mülkiyyətindən çıxarmaq olur. Kateqoriyanı dəyişdirsinlər. Bu, elə də ağır məsələ deyil. Kadastr qoymaqla onun kateqoriyasını dəyişdirmək olar. 16-cı maddədə olan bu məsələyə, Eldar müəllimdən xahiş edirəm, mütəxəssislər diqqət yetirsinlər.
Sonra, torpaqların icarəyə verilməsi. Mən qeyd eləmək istəyirəm ki, bu qanunda kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsinin qarşısını almaq lazımdır. Yəni dövlət torpaqları yalnız dövlətin mülkiyyətində qalmalıdır. O torpaqları əkib-becərmək istəyirlərsə, əksinlər, becərsinlər. 50 ilə, 100 ilə müqavilə bağlasınlar. Amma bunu birdəfəlik icarəyə verib, sonra da xüsusi mülkiyyətə çevirməyə imkan yaratmaq lazım deyil. Çünki kənd təsərrüfatında Azərbaycanda yaranmış vəziyyət hamıya aydındır və buna ciddi yanaşmaq lazımdır.
Burada Dövlət Neft Fondunun torpaqlarından da söhbət gedir. Dövlət Neft Fondu maliyyə orqanıdır. Bunu bura salmaqda nəyi nəzərdə tuturlar, mən başa düşə bilmirəm. Dövlət Neft Fondunun hansı torpağı ola bilər, mənə aydın deyil. Mən Neft Şirkətindən yox, Neft Fondundan danışıram. Ola bilər, perspektivdə nəsə nəzərdə tutulur, ancaq mən onu deyə bilmərəm.
İkinci, vergi ilə əlaqədar olaraq burada maddə var. İkili vergi. Yəni insan əgər dövlət torpağını icarəyə götürürsə, o həm torpaq vergisi, həm də icarə vergisi verir. Eldar müəllim, buna da baxmaq lazımdır. Yəni icarəyə götürürəmsə, mən icarə haqqı verirəm. Bəs icarə vergisi nədir? Ümumilikdə götürəndə, Ziyafət müəllim, hesab edirəm ki, bu qanun layihəsi lazımdır. Konseptual cəhətdən buna bir qədər ətraflı yanaşmaq, üzərində işləmək lazımdır. Gələcəkdə bu qanunun qəbul edilməsinə müsbət yanaşıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Vahid müəllimin toxunduğu məsələyə dair fikrimi qısaca bildirmək istəyirəm. Eyni problem aran rayonlarında yaşayan camaata da aiddir. Yəni əvvəllər kolxoz var idi. İnsanlar, dağ rayonlarının camaatı mal-qaranı qışda aranda saxladığı kimi, yayda da aran rayonundan dağ otlaqlarına aparırdılar. Açığı, eyni situasiya, məsələn, Quba və digər rayonların sakinləri üçün yaradılmışdı.
Aran rayonlarında bəlkə də müəyyən sahələr münbit olmadığına, yaxud o qədər də baha qiymətə getmədiyinə, turizm, başqa məqsədlərlə istifadə üçün yaramadığına görə onlara az tələbat var. Lakin dağlarda, Qubada, Şamaxıda və bir sıra başqa rayonlarda torpaqlar tamamilə bölüşdürülüb. Hərə ata malı kimi dövlətə məxsus torpaqları 2–3 metrlik hündürlükdə hasara alıb. Hələ torpaq bir tərəfə, çayları da hasara alıblar. Hətta çayın qırağına düşüb su götürmək belə mümkün deyil. Yəni bu, olduqca ciddi məsələdir.
Biz sovet hakimiyyətini həmişə pisləyirik, amma sovet hakimiyyəti dövründə, – özü də Konstitusiyanın birbaşa təsbit elədiyi qaydadır, – torpaq ümummilli sərvətlərə aid idi. Torpaq təkrar olunmayan dəyərdir, sərvətdir. Bunun belə çox səmərəsiz, tamamilə cəmiyyətə, xalqa, gələcək nəsillərin mənafeyinə zidd bir şəkildə istifadə olunmasına heç bir halda yol vermək olmaz. Bu baxımdan mən ikinci oxunuşda ətraflı çıxış etmək fikrində idim. Amma Vahid müəllimin çıxışından sonra, onun sözünə qüvvət olaraq eyni problemlər barədə biz də düşünürük.
Mən bunları deyirəm ki, ümumiyyətlə, bu qanunun geriyə qüvvəsi barədə düşünmək lazımdır. Deyilir ki, Xəzərin sahilində 80 metr, ya 130 metr məsafədə tikinti olmaz. Dənizin içərisinə nəinki 80 metr giriblər, hətta orada cürbəcür süni adalar, vertolyot meydançaları yaradıblar. Açığı, biz deşək, deyəcəklər ki, yenidən bolşeviklər kimi müsadirələr barədə danışmaq istəyirlər. Mənə elə gəlir ki, ümummilli mənafe, dövlətin maraqları naminə qanunsuz tikililərin yerləşdiyi sahələr dövlətin nəfinə geri alınmalıdır. Şəxsən mən bu dərəcədə ciddi qərarların, qanun maddəsinin tətbiqinin tərəfdarıyam. Bayaq Gülhüseyn müəllim maraqlı bir fikir bildirib dedi ki, qanunu qəbul edəcəyik, yenə təzə icra başçıları deyəcəklər ki, bizdən əvvəlkilər torpaqları veriblər, torpaq yoxdur. Bu, yenidən rüşvət və korrupsiya mənbəyi olmasın deyə, mərkəzləşdirilmiş qaydada dövlət torpağının idarə olunması səlahiyyətinin hansısa konkret idarəedici orqanın əlində cəmləşdirilməsi məsələsi qanunda bir norma kimi əksini tapmalıdır. Bunları düşünüb qanun layihəsini təsdiq eləyək. Təşəkkür edirəm.
Sədrlik edən. Amma danışığınızda bolşevik ruhu hiss olunur. Deyəsən, sovet hökuməti üçün darıxmısınız. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Mən hörmətli həmkarlarımdan bir balaca təmkinli olmağı xahiş edirəm. Gəlin, bir-birimizə hörmət eləyək və bir-birimizi dinləyə bilək. Yay-qış otlaqlarının istifadəsində pərakəndəliyi aradan qaldırmaq üçün keçən il Nazirlər Kabinetinin qərarı oldu. Ceyrançöl ərazisində mənim seçildiyim dairənin də torpaqları var. Bu pərakəndəliyi aradan qaldırmaq üçün yeni sərəncamlar verilmiş, həmin otlaqlardan istifadə etmək səlahiyyəti rayonların icra hakimiyyəti başçılarına həvalə olunubdur. Yəni Sovet İttifaqı vaxtında, deyək ki, yay-qış otlaqları Gədəbəydən idarə olunurdu. İndi idarəetməni təkmilləşdirərək həmin ərazini Tovuz rayonunun sərəncamına veriblər. Bu o demək deyil ki, oradakı fermer təsərrüfatlarının və fermerlərin haqları pozulubdur. Əlavə sərəncamlarla həmin fermer təsərrüfatlarına da yeni otlaq sahələri ayrılıbdır. Hacıqabulda, başqa yerlərdə də belədir.
Torpaqla bağlı məsələlərdə, təbii ki, mövcud vəziyyət bizi qane edə bilməz. Çünki 1987-ci ildən iqtisadiyyatda liberallaşma başlayanda Moskva şəhərinin torpaqları, bir qayda olaraq, açıq hərraclarla satılırdı. Dövlətin, şəhərin büdcəsinin 20–25 faizi dövlət torpaqlarının satışından formalaşırdı.
Əfsuslar olsun ki, Bakı şəhərinin və Bakıətrafı torpaqların aqibəti, gördüyümüz kimi, yaxşı deyil. 2000-ci il dekabrın 29-da Bələdiyyələrin yaranması ilə bağlı Prezidentin imzaladığı fərmanı xatırlayıram. Bundan sonra fərdi yaşayış evlərinin tikintisi yerli icra hakimiyyətlərinin əlindən alınıb, təbii ki, bələdiyyələrə verilməli idi. İcra başçıları bundan istifadə edərək, – statistik rəqəm gətirim, – 30–31 dekabr tarixlərində, bazar və şənbə günləri olmasına baxmayaraq, 5000-ə yaxın sərəncam vermişdilər. Orta hesabla iki günə böləndə təqribən hər 4 saniyədə torpaqla bağlı yeni sərəncamlar imzalanmışdı. Yəni burada məsələlər ciddidir. Ümid edirəm ki, bir qədər keçmişdə yaranan problemlər haqqında düşünmək lazımdır.
Təbii ki, ölkədə bazar iqtisadiyyatı formalaşır. Hansısa bir kooperativ təşkilatı hektarlarla torpaq alıbsa və ondan səmərəli istifadə eləmirsə, torpaqla məşğul olan aidiyyəti qurumlar burada bir nizam-intizam yaratmalıdırlar. Çox sağ olun.
Sədrlik edən. Valeh müəllim, Siz Pənah Hüseynə cavab verəcəksiniz? Yaxşı, onda etiraz eləmirsinizsə, Valeh müəllimə söz verək. Buyurun.
V. Ələsgərov. Mən də təklif edirəm ki, konseptual baxımdan buna səs verək. İkinci, üçüncü oxunuşlarda lazım olan əlavə və dəyişikliklər müzakirə olunacaqdır. Ancaq Eldar müəllimin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Deyəcəyim bu məsələ çox önəmli, çox vacibdir. Torpaq lazımlı sərvətdir. Mülkiyyət hüququ olan dövlət orqanları ilə əlaqədar məsələlərə burada aydınlıq gətirilməlidir. Bəzi hallarda mülkiyyət hüququ olmayan şəxslər, misal üçün, müəssisələr özlərini mülkiyyət hüququnun daşıyıcısı kimi apara bilərlər. Onda mülkiyyət hüququ yoxdur, amma torpaq onun istifadəsinə verilibdir. Onlar da bir dəfə ki, bu torpağı əllərinə aldılar, o zaman olublar dövlət, hökumət. Buna çox ciddi diqqət yetirmək lazımdır. Bu bir.
Bir də ki, 13.4-cü maddədə deyirsiniz ki, 2001-ci il yanvarın 1-dən qeyri-dövlət vəsaiti hesabına tikilən... Üzr istəyirəm, nələrə yol açırıq. Yəqin ki, nə deyirəm, Eldar müəllim onu yaxşı başa düşür. Qurban olum, xahiş edirəm, ona bir fikir ver. O torpaqlarda kim nəyi tikib, necə tikib? Özbaşına heç kim heç nə tikməyib. Ona görə də o məsələlər nəzərə alınmalıdır. Ümumiyyətlə, 3, 8, 11,12, 13-cü maddələrə, xahiş edirəm, mütəxəssislərlə bir yerdə oturaq, yenidən baxaq. Çox vacib məsələlər var, onları ciddi müzakirə eləyək, ikinci oxunuşda düzəldək. İndi də təklif edirəm, bu qanun layihəsinə səs verək, onu qəbul eləyək.
Sədrlik edən. Mən üzr istəyirəm, gəlin, Eldar müəllimə imkan yaradaq. Əlbəttə, burada qaldırılan məsələlərin əksəriyyəti onun səlahiyyətinə aid olan məsələ deyil, amma komissiya sədri kimi qoy münasibətini bildirsin.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çıxış eləyən hörmətli həmkarlarıma – Əli Məsimliyə, Səfər Məmmədova, Vahid müəllimə, Nazim Məmmədova, Valeh müəllimə minnətdarlığımı bildirirəm. Əlbəttə, mən arzu edirdim ki, həmkarlarım daha çox çıxış eləsinlər, daha çox təkliflər versinlər, daha çox tənqid olsun. Nə qədər tənqid, təklif çox olsa, biz bu qanun layihəsi üzərində ikinci oxunuşda bir o qədər çox baş sındıracağıq, optimal varianta gələ biləcəyik. Bilirsiniz, bəzən qanunu qəbul edəndə məsələyə bir az sərt yanaşırıq, onda deyirsiniz ki, bu sərtliyi yumşaldaq. Bir qədər yumşaq tərzdə yazırıq, deyirsiniz, bunu sərtləşdirmək lazımdır.
Mən elə bilirəm ki, bəzi məsələlər var, həmkarlarım, yəqin, məni başa düşürlər, bizim heç birimiz onları açıqlamaq istəmirik. Hər halda biz qanunçuluğu müdafiə edib ona çalışırıq ki, icra strukturu, hüquq mühafizə orqanları bu müddəaları qanundan irəli gələn qaydada həyata keçirsinlər. İndi burada əksər çıxışlarda deyildi ki, bu qanundan irəli gələn məsələləri kimlər isə qanuni şəkildə həyata keçirmirlər. Bu, qanunun predmeti deyil. 80–130 metr məsələsinə görə, hörmətli Ziyafət müəllim şahiddir, nə qədər əziyyət çəkdik. Biz qanunda 130 metri qəbul etmədik. Çünki onun qəbulundan sonra dedik ki, Astara–Lənkəran ərazilərində dəniz qırağında 130 metr məsafədə tikilən evlər gərək sökülsün, problemlər yaranacaqdı. Mən dedim, yaxşı, çəkək qabağa, heç olmasa, 80 metrə qədər sökülsün. Çünki orada olan evlərin əksəriyyəti dənizin 5–10 metrliyindədir. Bunu elədik, qanun keçdi. Sonra nə oldu, hamınız bilirsiniz. Ona görə, mən xahiş edəcəyəm, vaxtımıza da çox var. Qanun layihəsi ikinci oxunuşa oktyabr ayına qədər çıxarılmalıdır. Xahiş edəcəyəm, hər biriniz, mütəxəssislər, əlaqəli şəxslər öz fikirlərini desinlər. Biz istəyirik ki, ədalətli, yaxşı bir qanun qəbul eləyək. O qanun elə olsun ki, insanları qane eləsin, dövlət torpaqlarını da qorusun. O qanunla dövlət torpaqlarından bələdiyyəyə, xüsusi mülkiyyətə torpaq veriləndə heç bir problem yaranmasın. Ümumiyyətlə, hər yerdə qanunçuluq olsun.
Burada deyilən fikirlərin əksəriyyəti ilə razıyam. Mən də real mənzərəni görürəm. Biz ona çalışmalıyıq ki, bu sahədə baş verən qanunsuzluqları, nöqsanları aradan qaldıraq. Mən təklif verən həmkarlarıma minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
İclasımız başa çatdı, sağ olun.