01.10.2007 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  57

Mill Məclisin  iclas  salonu.
1  oktyabr  2007-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir

 

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşdur:

S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması barədə” 1992-ci il 13 mart tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə.
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin açıq elmi-texniki informasiyaya sərbəst çıxışı və həmin informasiyanı mübadilə etməsi qaydası haqqında” Sazişin təsdiq edilməsi barədə.
4. “GUAM: Qitələri birləşdirərək” Bakı Bəyannaməsinin təsdiq edilməsi haqqında.
5. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın imtiyazları və immunitetləri haqqında” Sazişin təsdiq edilməsi barədə.
6. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzvü olan dövlətlərin Hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə.
7. “Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
8. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədə.
9. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə.
10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
11. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
12. Azərbaycan Respublikası və Koreya Respublikası arasında Birgə Bəyanatın təsdiq edilməsi haqqında.
13. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
14. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə.
15. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
16. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə.
17. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında diplomatik, rəsmi, xidməti və xüsusi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə.
19. “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
20. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə.
21. “Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
22. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterrorizm Mərkəzi haqqında Əsasnamə”yə dəyişikliklər və əlavələr edilməsi barədə” Qərarın təsdiq edilməsi haqqında.
23. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
24. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədə.
25. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
26. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
27. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında.
28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında.
29. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında.
30. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə.
31. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
32. Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
33. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə.
34. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə.
35. Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında.
36. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
38. Hesablama Palatası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
39. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması barədə” 1992-ci il 13 mart tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin açıq elmi-texniki informasiyaya sərbəst çıxışı və həmin informasiyanı mübadilə etməsi qaydası haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “GUAM: Qitələri birləşdirərək” Bakı Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın imtiyazları və immunitetləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzvü olan dövlətlərin Hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası və Koreya Respublikası arasında Birgə Bəyanatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında diplomatik, rəsmi, xidməti və xüsusi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
22. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterrorizm Mərkəzi haqqında Əsasnamə”yə dəyişikliklər və əlavələr edilməsi barədə” Qərarın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
23. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
24. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
26. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
27. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
28. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
29. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
30. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
31. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                 O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1  oktyabr  2007-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri!
Milli Məclisin 2007-ci il payız sessiyasını açıq elan edirəm.

(Azərbaycan  Respublikasının  Dövlət  himn səslənir.)

Hörmətli deputatlar, payız sessiyasının başlanması münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm, parlamentin qarşıdakı qanunvericilik fəaliyyətinin səmərəli olmasını arzulayıram!
Bildiyiniz kimi, Milli Məclis 2007-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Həmin sessiyalarda Milli Məclisin 18 iclası keçirilmişdir. 141 qanun, o cümlədən 1 Konstitusiya qanunu, 25 qərar qəbul edilmişdir. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir.
Parlamentimiz Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Ötən dövrdə parlamentin beynəlxalq əlaqələri də çox sürətlə inkişaf etmişdir. Bildiyiniz kimi, Milli Məclis Sədrinin başçılığı ilə nümayəndə heyəti Koreya Respublikasında, Rusiya Federasiyasında və Polşa Respublikasında rəsmi səfərlərdə olmuşdur. Səfərlərin gedişində bu ölkələrdəki həmkarlarımızla mühüm danışıqlar aparılmış, bir çox məsələlər, xüsusən parlamentlərarası əlaqələrin gələcək inkişaf yolları müzakirə edilmişdir.
Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatlarda çox fəal iştirak etmişlər. Mən bir misalı deyə bilərəm ki, bizim Milli Məclisin nümayəndə heyətləri dünyanın 23 ölkəsində keçirilən forumlarda, konfranslarda iştirak etmişlər. Çox xoş haldır ki, bu konfranslarda, forumlarda bizim deputatlar gündəliyin məruzəçisi olmuşlar. Bu da bizim millət vəkillərinin nə qədər fəal olduqlarının bir göstəricisidir.
Ötən dövrdə bir sıra xarici ölkələrin parlament nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, parlamentlərarası dostluq qruplarının üzvləri Azərbaycanda səfərdə olmuşlar. Avropa Şurası Parlament Assambleyasının Sədri Rene van der Linden, ATƏT-in Parlament Assambleyasının sədri, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi cənab Qoran Lenmarker, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Mari Ann İşler Beqən, NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Alt Komitəsinin sədri Çətin Kazak və digər şəxslərlə Milli Məclisdə görüşlər keçirilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır. Azərbaycanda 2 komitə və alt komitənin iclası keçirilmişdir. Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Bakıda 8-ci iclası bizim parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun və qrupumuzun iştirakı ilə çox müvəffəqiyyətlə keçirilmişdir. Eyni ilə Çətin Kazakın rəhbərliyi ilə NATO Parlament Assambleyasının Demokratik İdarəçilik üzrə Alt Komitəsinin iclası Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun və bizim parlament qrupunun iştirakı ilə çox yüksək səviyyədə keçirilmişdir. Bütün bunlar onu göstərir ki, artıq Azərbaycan beynəlxalq parlament ailəsinin həm tam hüquqlu, həm də çox fəal üzvlərindən biridir.
Hörmətli deputatlar!
Bildiyiniz kimi, ötən il parlamentin plenar iclas salonu və birinci mərtəbəsi təmir edilib sizin ixtiyarınıza verilmişdir. Bu işlər davam etdirilmiş və Milli Məclisin binasının önündə fəvvarələr kompleksi inşa edilmiş, birinci və ikinci mərtəbələrdəki böyük foyelər, kiçik iclas zalı müasir standartlara uyğun təmir edilmişdir. Milli Məclisdə ulu öndərimiz Heydər Əliyevin heykəli ucaldılmış və ona həsr edilən xatirə zalı yaradılmışdır.
Hörmətli deputatlar!
Ötən sessiyalarda parlamentimizin səmərəli işləməsi 2007-ci ilin payız sessiyasında da qanunyaratma və qanunvericilik fəaliyyətinin uğurlu olmasına gözəl zəmin yaratmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Bir sıra layihələr isə bugünkü iclasda müzakirə edəcəyimiz qanunvericilik işləri planında nəzərdə tutulmuşdur.
İşlər planına daxil edilmiş qanun layihələri sosial müdafiə, hüquq islahatları, dövlətimizin beynəlxalq həyatda iştirakı, iqtisadiyyat, mədəniyyət və başqa sahələri əhatə edir.
Payız sessiyasında Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul ediləcəkdir.
Son illər ölkədə həyata keçirilən islahatlar, müsbət dəyişikliklər təhsil sahəsinə də ciddi təsir göstərmişdir. Bu sahədə əmələ gələn yeni münasibətləri qanunvericilik qaydasında tənzimləməyə böyük ehtiyac yaranmışdır. Bildiyiniz kimi, Təhsil haqqında qanun layihəsinə artıq Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının, eləcə də digər komissiyaların birgə iclaslarında baxılmışdır. Təhsil haqqında qanun layihəsi əlaqədar nazirliklərlə və təşkilatlarla geniş müzakirə edilmişdir. Bu ilin payız sessiyasında Təhsil haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaqdır. Qəbul edəcəyimiz yeni qanun Azərbaycan təhsilini müasir dünya standartları səviyyəsində qurmağa imkan verəcəkdir.
Hörmətli deputatlar!
Mən əminəm ki, Milli Məclisin payız sessiyası uğurlu olacaq, iş planımızda nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək layihələr səmərəli şəkildə müzakirə və qəbul olunacaqdır.
Bu sessiyada sizin hamınıza uğurlar arzulayıram! Çox sağ olun.
Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, iclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bilirəm, deputatlarımız yaxşı dincəliblər, hamı enerjilidir. Çoxdandır məsələlər müzakirə etməmişik, darıxmışıq. Buyurun, müzakirələrə yazılın. Birnəfəsə 16 nəfər, hələ siyahının arxası da var. Buyurun, Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun. Hörmətli Sədr, bir daha xoş gördük! Bu yay tətilində yaxşı dincəldik və imkanımız oldu ki, seçicilərimizlə də bir sıra görüşlər keçirək. Bu görüşlərdə çoxsaylı problemlərin şahidi olduq. Xırdalıqlarına varmadan onlardan ən vacib saydığım 2 məsələni diqqətinizə çatdırmaq istəyirəm. Birinci məsələ işsizlik, yoxsulluq və maaşların azlığı, ikincisi, korrupsiyanın insanları problemlər içərisində boğması, məmur özbaşınalığı, qanunların işləməməsi və onlara məhəl qoyulmamasıdır. Məncə, bu problemlərin yaratdığı fəsadlar hakimiyyətin bir qolu olan Milli Məclisi də narahat etməlidir, çünki bunun məsuliyyətinin bir hissəsi də bizim üzərimizdədir.
Heç kəsə sirr deyil ki, aztəminatlı ailələrin dolanışığı olduqca ağırdır. Son illər büdcədən maliyyələşən təşkilatların əmək haqqı müəyyən qədər artırılıb. Ancaq ölkədəki inflyasiyanın həddi bu artımın hiss olunmasına imkan vermir. Ehtiyac zənbili ilə real imkanlar arasında xeyli fərq var.
Neft gəlirlərinin artımı insanların həyatında elə də hiss olunmur. Neftdən gələn gəlirlərin getdikcə artmasını, bunun sayəsində də büdcənin ildən-ilə böyüməsini nəzərə alaraq biz müəllimlərin, həkimlərin, təqaüdçülərin, orduda qulluq edən çavuşların, zabitlərin maaşını yaxın dövr üçün ilkin olaraq 100 faiz artırılması məsələsini qaldırmalıyıq və hökumətin 2008-ci il dövlət büdcəsində bunu həll etməsinə nail olmalıyıq.
Korrupsiya və rüşvət bəlası isə sonu görünməyən problemlərin həllinə olan ümidləri heçə endirməkdədir. Hakimiyyət nümayəndələrinin tez-tez Azərbaycanda ümumi daxili məhsulun artım tempinin dünyada analoqu olmayan bir sıçrayışla getməsi haqda söylədikləri, çox təəssüflər olsun ki, insanların yaşamında, həyat tərzində hiss olunmur, əksinə, insanların durumu getdikcə pisləşməyə doğru gedir. Bunu beynəlxalq təşkilatların bu günlərdə açıqladıqları hesabatda da görmək olur. 1 il əvvəl Azərbaycanın 180 ölkə arasında 130-cu yerdən 150-ci sıraya düşməsi buna sübutdur. Neft ölkəsi olmayan, ümumi daxili məhsulu bizim qədər yüksək olmayan qonşularımızdakı vəziyyətlə müqayisə isə, təəssüf ki, bizim xeyrimizə deyil. Gürcüstanda vəziyyət yaxşılığa doğru dəyişib, onlar 79-cu yerdədirlər. Ermənistan isə 99-cu yerdə, öz yerindədir. Nə qədər ki Azərbaycanda korrupsiya və rüşvət bu qaydada tüğyan edəcək, nə qədər ki məmur özbaşınalığına son qoyulmayacaq, qanunlar işləməyəcək, çox təəssüflər ki, vəziyyət də dəyişməyəcək, əksinə, daha da pisliyə doğru gedəcək. Mənə elə gəlir ki, problemləri görməmək, olan gerçəklikləri ört-basdır etmək cəhdi problemin həlli yolu deyil. Əksinə, millət vəkilləri Azərbaycana yaraşmayan bu gerçəklikləri dilə gətirərək həyəcan təbili çalmalı və hakimiyyətdən bu biabırçılığa son qoymağı tələb etməlidirlər.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Mən qanunvericilik işləri planı haqqında məsələ ilə bağlı yazılmışdım.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də, cənab Sədr, Sizin arzularınıza qoşularaq hər bir deputata qarşıdakı dönəmdə uğurlar arzulayıram, can sağlığı diləyirəm və ümidvaram ki, millətimizin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi baxımından parlament üzvləri öz üzərilərinə düşən vəzifələri yerinə yetirəcəklər.
Cənab Sədr, parlamentin ilk iclasına başladığımız gün bizə xeyli sənədlər paylanıb. Onlardan biri xüsusi olaraq vurğulanmağa layiqdir. Bu, Azərbaycan MEA-nın Tarix İnstitutu tərəfindən hazırlanıb ərsəyə gətirilmiş “Azərbaycan tarixinin atlası”dır. Xatırlayıram, bizim parlamentin üzvü hörmətli Yaqub Mahmudov təyinat alanda biz onu təbrik edərkən qeyd etmişdi ki, Azərbaycan MEA-nın Tarix İnstitutu düşmənə qarşı mübarizənin ön cəbhəsi olmalıdır. Hər kəs, sadəcə, öz üzərinə düşən vəzifələri yerinə yetirsəydi, biz Qarabağ və digər başqa problemlərimizin həllinə nail ola bilərdik. Tarix İnstitutu bu cəhətdən öz üzərinə düşən vəzifənin ən mühüm hissəsini yerinə yetiribdir. Etiraf edək ki, tarix müstəvisində Azərbaycana qarşı çox böyük iddialar olubdur. Onu hərbiçilər və siyasətçilər deyil, artıq dərəcədə tarixçilər inkar etməli olurdular. Azərbaycanın keçmiş dönəmlərində elə şərait formalaşmışdı ki, tarix məsələsində də mövqeyimizin istənilən səviyyədə təmsil olunması problemləri özünü göstərmişdi. Mən birinci bu məsələni qeyd etmək istəyirdim.
İkinci, cənab Sədr, mən hesab edirəm ki, Azərbaycanda demokratik dövlət quruculuğu prosesi gedir. Hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının təminatçısı olaraq həm də cənab Prezident çıxış edir. Bununla bağlı kifayət qədər qanunlar qəbul olunur. Amma mən burada son dövrlərdə siyasi qüvvələrin də əlinə bir girəvə kimi keçmiş Naxçıvanda 2 nəfərin həbsi ilə bağlı məsələni vurğulamaq istəyirəm. Mən hakimiyyətin siyasi maraqlarını müdafiə etdiyim üçün deyirəm ki, bu heç bir halda hakimiyyətin maraqlarına cavab verən bir hadisə deyil. İndi onlar bunu belə qələmə verirlər ki, guya bu hansısa şəxslərə, özü də siyasi mənsubiyyət daşıyan şəxslərə qarşı mübarizədir və sair. Halbuki müxalifətin təmərküzləşdiyi paytaxtda onlar bir yerə yığılıb hakimiyyətə güc göstərə bilmirlər. Hansısa bir əyalət miqyaslı insanların bu hakimiyyətə qarşı heç bir təsiri ola bilməz. Onlar bunu ölkənin hüquqi vəziyyətinin diaqnozu kimi beynəlxalq aləmə yayıb ondan Azərbaycana təzyiq və sair kimi istifadə etməkdədirlər. Mən hesab edirəm ki, parlamentin ilk iclasında biz bu məsələyə diqqət yönəltməliyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də sessiyanın açılması münasibəti ilə bağlı deyilən təbriklərə qoşuluram və Ramazan ayının hamımıza xeyirli olmasını diləyirəm. Mən nə korrupsiyadan danışmaq istəyirəm, nə uçan binadan, nə də başqa məsələlərdən. Bunlar – beynəlxalq təşkilatların Azərbaycanla bağlı təsdiq etdiyi hesabatlar bizim rəsmi statistika ilə üst-üstə düşmür. Biz hamımız artıq birmənalı şəkildə standart söz işlədirik ki, hamısı ermənipərəstdir, bizim ölkədə nə korrupsiya var, nə də əhalinin ağır durumu var.
Mən istəyirəm, bir neçə fakta diqqətinizi yönəldəm. Birinci növbədə tikinti ilə, xüsusi ilə də yol tikintisi ilə bağlı məni narahat edən bir problemi nəzərinizə çatdırmaq istəyirəm. Yəqin ki, bu günlərdə televiziyadan izlədiniz. Ötən il çəkilməsinə baxmayaraq Xınalıq yolunun 57 kilometrə qədər hissəsi sıradan çıxıb. Yol xarab ola bilər, sıradan da çıxa bilər. Amma açıqlama verildi ki, bura 14 milyon manat pul xərclənib və yenidən təmir üçün əlavə vəsait sərf olunmayacaq. Yol tamamlanıb, 14 milyon xərclənibsə, təzədən tə-mirə 14 milyonun içindən necə pul tapılır? Axı, dövlətin pu-lunu, vəsaitini bu qədər məsuliyyətsiz formada xərcləmək heç bir məntiqə sığmır və bu heç bir hakimiyyətin marağına da uyğun deyil. Yəni 200 min, 500 min götürmək olar, amma bura 3 milyon, 5 milyon vəsait sərf eləmək büdcəni dağıtmaq deməkdir. Bu, həqiqətən, gələcəyimiz üçün ciddi təhlükədən xəbər verir.
Ünvanlı sosial yardım üçün 17 sənəd tələb olunur və sövdələşmə yolu ilə onun da 2 aylıq pulu məmurların cibinə gedir. Adı dilənçi pulu sayılan ünvanlı sosial yardımın belə alına bilmədiyi bir məmləkətdə hətta insanların sığındığı müqəddəs dəyərlərə hücumlar səngimək bilmir. Aldığım məlumata görə səhiyyə müəssisələrində başıörtülü qadınlara təzyiqlər olur. Mənə Bakıxanov qəsəbəsindən seçicilərim müraciət ediblər. Onlara bildirilib ki, başıörtülü olduqlarına görə ya işdən çıxmalı, ya da başlarını açmalıdırlar. İmkan verin, insanlar kasıb, ac vəziyyətdə olsalar da, dini inanclarını davam etdirsinlər, heç olmasa, ölməmək üçün Allaha ümid etsinlər. Ona görə də mən bu problemə Milli Məclis səviyyəsində münasibət bildirilməsini istəyirəm.
Sədrlik edən. Siyavuş Novruzov.
 S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də sessiyanın başlanması münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm, onlara gələcək fəaliyyətində uğurlar arzulayıram. Mən gündəliklə bağlı fikir söyləmək istəyirdim, lakin həmkarlarım bismillah eləməmiş nəhs gətirdilər. Ona görə də məcburam, bunların fikirlərinə bir aydınlıq gətirəm ki, cəmiyyətdə çaşqınlıq yaranmasın.
İlk növbədə qeyd etməliyəm ki, burada iqtisadi göstəricilərlə bağlı Ermənistan və Gürcüstanla müəyyən müqayisələr aparıldı. Bilirsiniz, ola bilər ki, kimsə qəzetlərdən, saytlardan nə isə oxusun. Həqiqəti əks etdirən insan gözünün qabağında baş verən hadisələrin əksinə çıxa bilməz. Bu gün Ermənistanda və Gürcüstanda hər hansı bir iqtisadi islahatın getmədiyi, hər hansı bir istehsalın olmadığı halda hansı ümumi daxili məhsulun artımından söhbət gedə bilər? Bu gün Ermənistan 70-ci illərdəki vəziyyətindədir və onların müəssisələrinin hamısı, demək olar ki, borclara görə Rusiyaya pulsuz, pay kimi ödənilir. Belə olan halda hansı ümumi daxili məhsuldan söhbət gedə bilər? Bilirsiniz ki, Gürcüstan daim bizim tərəf müqabilimiz olduğuna görə ona köməklik göstərilir. Əgər Azərbaycan Gürcüstana köməklik göstərirsə, onun hansı göstəricisi bizdən artıq ola bilər? Azərbaycanın vəziyyəti o ölkələrlə deyil, Avropanın aparıcı dövlətləri ilə müqayisə olunmalıdır və müqayisə də gedir.
İkinci, burada neft, nə bilim, neftdən gələn gəlirlər və sair qeyd olunur. Hər gün bir körpü açılır, yeraltı keçidlər tikilir, yollar salınır, ayrı-ayrı sahələrə investisiyalar qoyulur. Yeni iş yerləri açılır və sayla qeyd olunur. Bu pullar ora gedir də. İstehsalata gedir və biz hamımız ondan istifadə edirik. O körpünü göydən qaranquş gətirib asıb, məgər bu tikilməyib? Bütün bunları insafla, ədalətlə qiymətləndirmək lazımdır. Prezident hər gün yeni iş yerlərinin açılışında iştirak edir, bir lent kəsir. İstər regionlarda olsun, istərsə də paytaxtda, hər gün bu proses davam edir və biz bunun şahidi oluruq. Yəni buna düzgün bir formada yanaşılmalıdır.
Burada həmkarım Fazil müəllim bir məsələni qeyd etdi. Ola bilər ki, kimsə işdə nöqsana yol verib. Azərbaycanda dini azadlıqdır. Hər kəs hansı dinə istəyirsə, ona sitayiş edə və hansı formada istəyirsə, gəzə bilər. Yəni qanunvericilik baxımından belə bir qadağa yoxdur. İndi kimsə öz qəbahətindən və nöqsanından başqa formada istifadə etmək istəyirsə, bu, düzgün deyil. O ki qaldı Naxçıvanda olan hadisələrlə bağlı...
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, bu qaydanı biz pozmuruq. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibəti ilə hamıya uğurlu fəaliyyət arzulayıram. Arzu edirəm ki, qəbul etdiyimiz qərarlar və qanunlar millətimiz və dövlətimiz üçün xeyirli olsun. Gündəliyə bir sıra qanun layihələrinin əlavə olunmasını və payız sessiyasında müzakirə olunmasını xahiş edirəm. İlk növbədə Diffamasiya haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Biz bu qanun layihəsini təqdim edəcəyik.
Bilirsiniz ki, son dövrlərdə Azərbaycanda jurnalistlərin həbsi ilə sonuclanan bir sıra hadisələr baş verib. Mən kimin hansı səbəbdən necə həbs olunması barədə danışmıram, azad sözə qarşı basqılara görə Azərbaycan jurnalistikasının, söz və mətbuat azadlığının müdafiəsini istəyirəm. Bu gün 7 nəfər jurnalist həbsdədir və bundan başqa da cinayət işi qaldırılan və məhkəmə prosesi gedən işlər var. Xahiş edirəm, buna görə Diffamasiya haqqında qanun layihəsi payız sessiyasının gündəliyinə salınsın.
Siyasi partiyalar haqqında qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunmasını istəyirəm. Hesab edirəm ki, 2008-ci ilin Prezident seçkiləri ərəfəsində siyasi partiyalar 1992-ci ildə qəbul olunmuş qanunla yox, yeni qanunla fəaliyyət göstərməlidirlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsini, onun yeni redaksiyada müzakirəsini istəyirəm. Hesab edirəm ki, 2008-ci ilin Prezident seçkiləri ərəfəsində bu qanunda daha konkret, daha aydın müddəalar olmalıdır.
Təbii ki, Qarabağ məsələsi ilə bağlı da parlamentdə dinləmələr keçirilməsini və müvafiq icra strukturlarının Qarabağ, Ermənistan – Azərbaycan münaqişəsi ətrafında gedən danışıqlar barədə millət vəkillərinə hesabat verməsini istəyərdim. Hökumətin hesabatında Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi iştirak etmirlər. Arzu edərdim ki, hökumətin hesabatında bu qurumlar da iştirak etsinlər.
“İpoteka haqqında” Qanuna dəyişikliklər edilməsini istəyərdim. Bilirsiniz ki, son dövrlərdə dövlət tərəfindən yardım ayrılıb və bu, özəl bankların üzərinə qoyulub. “İpoteka haqqında” Qanuna dəyişikliklər edilməli, dövlət yenə əlavə vəsait ayırmalı və gənclərin evlə təmin olunması üçün güzəştli şərtləri daha da sadələşdirməlidir. O cümlədən Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin və bəzi müddəaların yenidən işlənməsinin tərəfdarıyam. Bununla bağlı Ümid Partiyası qanun layihəsini ictimaiyyətə təqdim edib. Yəqin ki, biz onu parlamentə də təqdim edəcəyik. Onun burada müzakirə edilməsini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər birinizi Milli Məclisin növbəti sessiyasının başlanması münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, bu sessiya xalqımız, dövlətimiz üçün uğurlu olsun, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması və demokratikləşmə istiqamətində mühüm qanunların qəbul olunmasına xidmət etsin.
Cənab Sədr, bu ümidlərimin gerçəkləşməsinə o qədər ümid etməsəm də, konkret deputat olaraq hüquqlarımın təmin olunmaması və pozulması ilə bağlı bir neçə fikrimi Sizin diqqətinizə çatdırmaq istəyirəm. Deməli, bir neçə dəfə mənim və ehtiyacı olan həmkarlarım tərəfindən deputat otağının ayrılması ilə bağlı məsələ qaldırılıb. Milli Məclisin Daxili Nizamnaməsində, deputat fəaliyyəti haqqında qanunlarda da bu məsələ öz əksini tapıb. Bütün bunlara baxmayaraq, mən iki ildir, Sumqayıt seçki dairəsi ərazisində özümü deputat otağı ilə təmin edə bilmirəm. Dəfələrlə bu məsələ qaldırılıb. Hörmətli Oqtay müəllim, Siz sonuncu dəfə dediniz ki, ola bilsin, bütün dairə ərazilərində torpaq sahəsi ayrılsın və orada deputatlar üçün daimi otaqlar tikilsin. Ümumilikdə, bu, niyyətdir, mən bunu alqışlayıram. Amma bu, bir iləmi, iki iləmi hazır olacaq, bunu demək çətindir. Bir də, ola bilsin ki, həmkarlarımın heç belə bir deputat otaqlarına ehtiyacları yoxdur. Bu məsələ ayrı-ayrı deputatlar tərəfindən qaldırılır. Mən Sizdən həm xahiş, həm də tələb edirəm ki, bir Sədr kimi seçicilərlə işləməyim üçün otaqla təmin olunmağıma yardım edəsiniz.
Burada Naxçıvan Muxtar Respublikasında bizim “Yeni Müsavat” qəzetinin əməkdaşının təzyiqlərə məruz qalması ilə bağlı ötəri də olsa, fikirlər səsləndi. Amma mən sizə bir həqiqəti deyim ki, bu təkcə bir məmurun özbaşınalığı deyil, bütövlükdə Naxçıvan Muxtar Respublikası rəhbərliyinin “Yeni Müsavat” qəzetinin əməkdaşına və ümumilikdə, müxalifət düşərgəsinə olan münasibətinin göstəricisidir. Bu hal Naxçıvan Muxtar Respublikasında birinci dəfə deyil. Hesab edirəm ki, bu məsələlərə Milli Məclis səviyyəsində münasibət bildirilməlidir. Çünki bu nə dövlətimizə, nə də dövlətçiliyimizə xeyir gətirən məsələ deyil. Ona görə də mən, hörmətli Sədr, Sizdən xahiş edirəm ki, bu məsələləri araşdırıb, özbaşınalıq edən məmurların cəzasının verilməsinə nail olasınız. Oqtay müəllim, dediniz ki, bizim hörmətli millət vəkillərimiz 23 ölkədə müxtəlif konfranslarda iştirak ediblər. Amma mən...
Sədrlik edən. Bir neçə dəfə olub, müsavat qrupunun bəzi üzvləri imtina ediblər. İndi mən onları burada demək istəmirəm. Lazım olarsa, danışarıq. Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu sessiyadan millətimizə və dövlətimizə xeyirlər, uğurlar arzulayıram. 
Sədrlik edən. Sizi, deyəsən, Dubaya göndərirdilər, imtina etmisiniz.
P. Hüseyn. Mənim vaxtım bərpa olunsun. Mənə Milli Məclisdən heç kəs Milli Məclisin xətti ilə hər hansı bir tədbirə getməyi təklif etməyib. Naxçıvan Muxtar Respublikasında jurnalistlərə təzyiqlərdən danışılır, amma Azərbaycanda 8 nəfər jurnalist həbsxanadadır. Bu, Azərbaycan dövləti, Azərbaycan demokratiyası üçün üz qarasıdır və bu ləkə ən tez bir zamanda bizim vicdanımızdan silinməlidir.
Hörmətli Milli Məclis üzvləri, toxunmaq istədiyim ikinci məsələ ondan ibarətdir ki, hazırda Azərbaycanın üzləşdiyi təhlükələrə biri də əlavə olunubdur. Bu, Azərbaycan cəmiyyətini bürüyən dinsizlik, mənəviyyatsızlıq təhlükəsidir. Daha doğrusu, bunun rəsmi bir siyasət şəklində həyata keçirilməsidir. Müqəddəs Ramazan ayında televiziyada gənclərimizin tərbiyəsini pozan verilişlər göstərilir. Neçə illər idi ki, İftar vaxtı televiziyalardan azan səsi eşidirdik. Artıq bu yoxdur. Səhərlər də Sovet dövründə din əleyhinə çəkilmiş cürbəcür komediyalardan tamaşalar göstərilir. Mən bir daha təkrar edirəm ki, bu, çox təhlükəli bir yoldur və Azərbaycanda bu məsələnin rəsmi səviyyədə aparılması haqqında kifayət qədər məlumatlar vardır. Azərbaycan rəsmiləri bilməlidirlər ki, bu məsələ sonda onların öz başında çatlaya bilər. Millətin hissiyyatı, ləyaqəti ilə oynamaq olmaz. Fazil müəllimin fikrini müdafiə edirəm. Xüsusi ilə insanların inanclarından irəli gələn baş örtüyü məsələsini süni şəkildə siyasi problemə çevirməyə ehtiyac yoxdur. Gündəlikdəki məsələlərlə bağlı çıxış edəndə siyasi, sosial, iqtisadi məsələlərə toxunacağam. Seçicilərim tərəfindən olduqca ciddi məsələlər qaldırılır. Bunu ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti iş, əmək haqqı və xalqın əmlakının talan olunmasına son qoyulmasını tələb edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Mən işlər planı haqqında danışmaq istəyirdim. 
Sədrlik edən. İndi cari məsələlər müzakirə edilir. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Mən gündəliklə bağlı bəzi məsələləri nəzərinizə çatdırmaq istərdim. Buradakı çıxışlara qulaq asanda yadıma Molla Nəsrəddinin bir lətifəsi düşdü. Molla Nəsrəddinə qonşusunun 100 manat borcu olur. Molla yuxuda görür ki, qonşusu ona „nə olar, qoy 99 manatı verim, 1 manat qalsın“ – deyir. Molla deyir ki, mümkün deyil, gərək 100 manat verəsən. Yuxudan ayılır, görür ki, əli boşdur. Təzədən gözünü yumur ki, razıyam. İndi bəzi adamlar özlərini Molla Nəsrəddin kimi aparırlar. 15 illik inkişaf dövründə, doğrudan da, Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə ilə bağlı hər hansı bir müsbət işin olduğunu qeyd edə bilməyək? Nəyə görə bu işləri görmürük?
Həmkarlarım ünvanlı sosial yardımı sədəqə adlandırdılar, mən buna çox təəccüb etdim. Bir neçə gün bundan öncə ABŞ-ın Kaliforniya ştatının senatorları burada idilər və qadın, ailə, uşaq problemləri ilə maraqlanırdılar. Biz ünvanlı sosial yardımdan, 3 yaşına kimi övladı olan qadınlara dövlətin verdiyi müavinətlərdən, qadınların hamiləlik dövrlərində iş yerlərinin saxlanılması məsələlərindən danışdıq. Azərbaycan qanunvericiliyində və reallığında olan məsələlərdən ABŞ senatorları mat qalmışdılar. Dedilər ki, siz nə danışırsınız, biz bu qədər qadınlara imkanlar yaratsaq, bütün şirkətlərimiz iflas olar. Biz təəccüb etdik, çünki elə bilirdik ki, orada bundan artıq səviyyədə nələrsə var. Məlum oldu ki, yoxdur.
Yollarımızdan danışırıq. Heç kəs yadına salmaq istəmir ki, bu körpülər inşa olunmamışdan öncə Bakıda vəziyyət necə idi. Yol ona görə dağılıb ki, bunun konkret səbəbi var. Bu yol ağır tutumlu yük maşınları üçün nəzərdə tutulmayıb. Deyirlər ki, biz yeni pul istəmirik, əlimizdə olan pulla işi görürük. Məgər bu pisdir? Mən bir daha qeyd etmək istəyirəm ki, biz öz gözümüzdə nəyi isə görə bilmirik. Amma konkret deyirəm ki, Kaliforniya kimi ərazisi böyük ştatdan gələn senatorlar Bakıda inşa olunan...
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının açılması münasibəti ilə deyilən xoş sözlərə və arzulara qoşuluram. Bizə iş planı paylanılıbdır. Burada Milli Məclisin müzakirəsinə qanun layihəsini və digər məsələləri təqdim etmək hüququ olan şəxslərin siyahısı göstərilibdir. Amma Konstitusiyanın 96-cı maddəsinə görə, ilk növbədə məhz deputatlar qanun layihələrini və digər məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququna malikdirlər. Burada deputatlar nəzərdə tutulmayıbdır. Mən arzu edərdim ki, burada deputatlar da göstərilsin və onların təqdim etdiyi məsələlər Milli Məclisin müzakirəsinə çıxarılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İlyas müəllim, mən bildim, Siz nə barədə deyirsiniz. Siz Milli Məclisə qanun layihəsi təqdim etmisiniz. Bu çox humanist bir qanun layihəsidir. Ancaq anadangəlmə ürək qüsuru olan şəxslərin müalicəsi ilə bağlı praktika yoxdur. Bu məsələ Səhiyyə və Maliyyə nazirlikləri qarşısında qoyulub. Bunun üzərində işlənilir, cavab olan kimi Sizə deyərik. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun. Mən gündəliklə bağlı qısa təklifimi bildirəcəm. Ancaq öncə, Milli Məclisin payız sessiyasının başlaması münasibəti ilə mən də deputat həmkarlarımı, Milli Məclisin Aparatını, qanun yaradıcılığı prosesində bizlərə yardımçı olan şöbələrin rəhbərlərini və əməkdaşlarını təbrik edirəm. Parlamentimizə səmərəli iş fəaliyyəti arzulayıram.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə istər beynəlxalq səviyyədə, istərsə də ölkə daxilində uğurla həyata keçirilən iqtisadi-sosial layihələr məhz insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, müasir standartlara cavab verən infrastrukturun yaradılmasına yönəldilmişdir. Şübhəsiz ki, burada yeni iqtisadi-sosial münasibətlər formalaşır və bu münasibətlər normativ hüquqi aktlarla tənzimlənməlidir. Bu günün tələbinə cavab verməyən qanunlara əlavə və dəyişikliklər edilməli, yeni qanunlar işlənib hazırlanmalıdır. Bu işin də ağırlığı məhz parlamentin üzərinə düşür. Mən əminəm ki, bundan əvvəlki sessiyalarda olduğu kimi, bu payız sessiyasında da parlament öz üzərinə düşən işi uğurla həyata keçirəcək, cənab Prezidentin gördüyü işlərə öz əməli köməyini göstərəcək.
Milli Məclisin 2007-ci il payız sessiyasının qanunvericilik işləri planı ilə tanış olmuşam, kifayət qədər zəngin iş planı vardır. Ancaq mənim təklifim var. İşlər planında Sığorta haqqında qanun layihəsini gördüm. Təklif eləyərdim ki, 1999-cu ildə qəbul olunmuş “Tibbi sığorta haqqında” Qanun ya əlavə və dəyişikliklər olunmaqla, ya da yenidən işlənməklə payız sessiyasının gündəliyinə çıxarılardı. Çünki artıq “Tibbi sığorta haqqında” Qanunun qəbulundan 10 il keçir və bu əlavə və dəyişikliklərə zərurət yaranmışdır. Həyatın özünün dinamik inkişafı bunu zəruri edir. Müxtəlif xəstəliklərin modifikasiya olunması, yaxud da gündəlik həyatımızda rast gəlinən müxtəlif istehsalat xəsarətləri və digər xəstəliklər nəticəsində insanların, heç olmasa, ilkin tibbi yardımdan yararlanma zərurətinin ortaya çıxması “Tibbi sığorta haqqında” Qanunun artıq işlək vəziyyətə gəlməsinə şərait yaratmışdır.
Çıxışımın sonunda bildirmək istəyirəm ki, doğrudan da, bu gün ölkəmizdə hər sahədə sürətli iqtisadi inkişaf gedir. Deputat həmkarlarımın qeyd etdiyi kimi, doğrudan da, elə bir region, elə bir guşə yoxdur ki, bu gün orada bu inkişaf sürətli və davamlı olmasın. Elə bu inkişafı görmək üçün mən sizin hamınızı təmsil olunduğum Yevlax şəhərinə dəvət eləyirəm. Gəlin, orada açılan yeni iş yerlərini, yeni salınan parkları, xiyabanları və insanların güzəranının yaxşılaşdırılması istiqamətində aparılan işləri öz gözlərinizlə görün. Əlbəttə ki, bütün bunlar möhtərəm Prezidentimizin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi-sosial siyasətin nəticəsidir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 40 dəqiqədir ki, biz cari məsələləri müzakirə edirik. Mən güman edirəm ki, çıxışları kəssək, yazılan həmkarlarımız inciməzlər, çünki gündəlikdə 39 məsələ var. Mən hesab eləyirəm ki, biz artıq gündəlikdəki məsələlərin müzakirəsinə başlamalıyıq.
Bir də, mən çıxışlarda səslənən bəzi suallara cavab verəcəkdim, ancaq mənə elə gəldi ki, millət vəkilləri özləri bir-birinin suallarını cavablandırdılar. Ona görə xahiş edirəm, gəlin, gündəlikdəki məsələlərin müzakirəsinə keçək.
Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Bu sənəd hamınızda var. Müzakirəyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, yazılın. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Çox sağ olun, hörmətli Sədr.
Sədrlik edən. Mən üzr istəyirəm, reqlamenti müəyyənləşdirmədik. 1-ci məsələdir, xahiş edirəm, çalışın, gündəlik ətrafında danışın. Gündəlikdən kənara çıxılsa, mən çıxışları saxlayacağam. Buyurun.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən gündəlik ətrafında çıxış eləyəcəyəm. İşlər planı və vacib hesab elədiyim məsələlər barədə əvvəlki çıxışımda da qeyd etdim, amma bir daha nəyə görə bu məsələlərin məhz payız sessiyasının qanunvericilik işləri planına salınması təklifimi əsaslandırmağa çalışacağam. Bayaq qeyd etdiyim kimi, ilk növbədə mən çox istəyərdim ki, biz jurnalist qurumlarının bir müddət əvvəl ictimaiyyətə təqdim etdiyi və o cümlədən Milli Məclisə də göndərdiyi Diffamasiya haqqında qanun layihəsini qəbul eləyək.
Düzdür, bu gün Azərbaycanda çox ciddi şəkildə əsaslandırırlar ki, Diffamasiya haqqında qanunun qəbul olunmasına Azərbaycan cəmiyyəti hələlik hazır deyil. Mən qəbul eləyirəm ki, Azərbaycan mətbuatında bəzən təhqirlərə yol verilir, millət vəkillərinin, icra strukturunda çalışanların, dövlət məmurlarının şərəf və ləyaqətinə toxunan yazılar gedir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan cəmiyyətinin demokratikləşməsini istəyiriksə, bir qədər dözümlü olmalıyıq, Diffamasiya haqqında qanun qəbul edib, ən azı söz və mətbuat azadlığının gələcək taleyini müəyyən etməliyik və onlara bir təminat verməliyik. Bu gün 8 nəfər jurnalistin həbsdə olması və bir neçə jurnalist haqqında cinayət işinin qaldırılması hər halda Azərbaycana yaxşı heç nə vəd eləmir. Azərbaycanın üzvü olduğu beynəlxalq qurumların mütəmadi söz və mətbuat azadlığının boğulmasına işarə vuran hesabatlarına – Azərbaycanın yerini müəyyən eləyən bu cür siyasətə, hesab eləyirəm, son qoyulmalıdır və payız sessiyasında bu, müzakirə olunmalıdır.
Hər sessiyada səsləndirdiyimizə baxmayaraq, çox təəssüf ki, Siyasi partiyalar haqqında qanun layihəsi müzakirəyə çıxarılmır. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun bu gün Azərbaycan siyasətində siyasi partiyaların rolunu, yerini təmin eləyə bilmir və Azərbaycan siyasətində siyasi partiyaların çəkisini bilərəkdən aşağı salır. Hesab eləyirəm ki, siyasi partiyaların rolu cəmiyyətin inkişafına ciddi şəkildə təsir eləyir və siyasi partiyaların rolunu qaldırmaq üçün hökmən “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxılmalıdır.
Bayaq qeyd etdiyim kimi, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna yenidən baxılmalıdır və qanun elə bir şəkildə işlənilməlidir ki, onun imkanlarından istifadə etmək istəyən hər hansı bir təşkilat sabah qanun və icra strukturunun göstərişi arasında qalmasın. Konkret, dəqiq ölçülər, mexanizmlər müəyyən olunsun.
Təbii ki, hər sessiyada olduğu kimi, bu sessiyada da qaldıracağım məsələlərdən biri Qarabağla bağlı dinləmələrin keçirilməsi ilə bağlıdır. Mən istər həmsədr dövlətlər tərəfindən, istərsə də Azərbaycanın səlahiyyətli orqanları tərəfindən mütəmadi, çeşidli bəyanatlar eşidirəm. Amma çox təəssüflər olsun ki, bir millət vəkili, Azərbaycanın ictimai-siyasi həyatında iştirak eləyən qanunvericilik orqanının üzvü kimi Dağlıq Qarabağ, Ermənistan – Azərbaycan münaqişəsi ətrafında nələrin getdiyi, hansı detalların razılaşdırıldığı, Azərbaycana nə təklif olunduğu, Azərbaycandan nə istənildiyi barədə heç bir ətraflı məlumatım yoxdur. Ona görə də ayrı-ayrı ölkə nümayəndələri ilə, beynəlxalq təşkilatlarla danışıqda biz dərsini bilməyən uşaq qismində çıxış eləyirik. Biz bilmirik, bizə nə təklif olunur, bizdən nə istəyirlər. Konstitusiya ilə Azərbaycanda qanunverici orqanın rolu və yeri hakimiyyət bölgüsündə kifayət qədər yüksəkdir. Hesab eləyirəm, icra strukturları aparılan danışıqlarla bağlı, heç olmasa, ildə bir dəfə Milli Məclis qarşısında hesabat verməlidirlər.
Çox təqdirəlayiq haldır ki, Tikinti fəaliyyəti haqqında qanun layihəsi də iş planına salınıb. Xatirənizdədirsə, Milli Məclisdə hökumətin hesabatı dinlənilərkən mən çıxışımda Azərbaycana gətirilən materialların keyfiyyətsizliyi, binaların vəziyyəti və bu sektorda olan rüşvət, korrupsiya ilə bağlı kifayət qədər faktlar demişdim. Çox təəssüflər olsun ki, 1 il bundan əvvəl dediyim faktların heç biri o zaman nəzərə alınmadı. Baş nazirdən tutmuş nazirlərə qədər səlahiyyətli orqanlardan heç biri “İqbal Ağazadə belə faktlar səsləndirdi” – deyə ona reaksiya da vermədilər. Nəticədə çoxsaylı insanın ölümü ilə nəticələnən proses baş verdi.
“İpoteka haqqında” Qanunla bağlı bir neçə kəlmə demək istəyirəm. Hesab eləyirəm ki, ipoteka kreditlərinin özəl banklara təqdim olunması prosesi növbəti büdcədə də nəzərdə tutulmalıdır. Əgər belə olmazsa, Milli Məclis xüsusi qaydada Maliyyə Nazirliyi qarşısında məsələ qaldırmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çalışacağam ki, qısa şəkildə qanunvericilik işləri planı barədə fikirlərimi bildirim. Məndən öncə çıxış eləyən hörmətli İlyas müəllim haqlı olaraq məsələ qaldırdı ki, Konstitusiyanın 96-cı maddəsində hətta Azərbaycan Respublikasının Prezidentindən öncə deputatların qanunvericilik təşəbbüsü hüququ yazılıbdır. Burada, təbii ki, kiminsə konkret layihəsindən söhbət getmir. Söhbət ondan gedir ki, icra orqanları millət vəkillərinin hər hansı iradlarına, sözlərinə biganəliklə yanaşırlar. Amma heç olmasa, Milli Məclisin özünün sənədlərində deputata dəyər verildiyi barədə bir işarə olmalıdır. Məncə, bu, texniki məsələ deyil, siyasi məsələdir və bunun olması olduqca vacibdir.
Bir faktı sizə xatırlatmaq istəyirəm. Biz ötən il qanunvericilik işləri planında deputatların təşəbbüs hüququnu nəzərdə tutmamışdıq. Amma çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən 8 mayda Milli Məclisə amnistiya aktı ilə bağlı qərar layihəsi təqdim olundu. Hamımız da bunu təqdirlə qarşıladıq və qəbul olundu. Bu o deməkdir ki, praktikada deputatların təşəbbüs hüququnun həyata keçirilməsi faktı var və bu, gələcəkdə də ola bilər. Ona görə də bunun bu sənəddə nəzərdə tutulması bizim işimizə heç bir xələl gətirmir.
İkinci, ötən bir il ərzində burada tez-tez “Siyasi partiyalar haqqında” Qanun barədə fikirlər səsləndi. Hörmətli Ziyafət müəllim bir müddət öncə açıqlama vermişdi ki, siyasi partiyalar haqqında yeni qanun qəbul olunmalıdır. Sonra Milli Məclis Sədrinin müavini hörmətli Bahar xanım bildirdi ki, yeni qanun yox, “Siyasi partiyalar haqqında” Qanunda əlavə və dəyişikliklər olacaqdır. Nəhayət, 2–3 gün öncə Milli Məclis Aparatının rəhbəri hörmətli Səfa müəllim bildirdi ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunacaqdır. Bu fikirlərdən sonra qanunvericilik işləri planına həmin qanunun salınmaması bir anlaşılmazlıq yaradır. Yəni Milli Məclis rəhbərliyi səviyyəsində yeni qanunun qəbul olunması, ya da qanuna əlavə və dəyişikliklər edilməsi barədə əgər rəy vahidliyi yoxdursa, bu, yaxşı hal deyil və bu, dəqiqləşdirilməlidir. Çünki bu, siyasi partiyaları çox ciddi şəkildə narahat edir. Belə bir qanun müzakirəyə çıxarılsın, baxılsın və bununla bağlı müvafiq qərar qəbul olunsun.
Qanunvericilik işləri planını mən ötən ilki qanunvericilik planı ilə müqayisə edəndə bir şey diqqətimi çəkdi. Ötən il qanunvericilik işləri planına saldığımız baxılmamış 3 qanun bu dəfə burada xatırlanmayıbdır. Bu da yaxşı hal deyil. O baxımdan ki, əgər baxılmayacaqsa, sayı doldurmaq xatirinə qanunların burada qeyd olunması yaxşı əlamət deyil. Yaz sessiyasından qalan 13 qanun layihəsi payız sessiyasına köçürülüb. Yəni biz burada elə qanunların müzakirəsini nəzərdə tutmalıyıq ki, onları müzakirə edə bilək, ötür-ötürə salmayaq.
Mən çox vacib bir qanun layihəsinə bu il də baxılmamasına təəssüfləndiyimi bildirirəm. Əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsini nəzərdə tuturam. Ölkədə müsbət olana müsbət, yaxşı olana yaxşı deməyə biz hazırıq. Amma, doğrudan da, pis vəziyyətdə olan əhalinin güzəranını nəzərə almaq lazımdır. 70, 80, 90 yaşlı insanlar var ki, gözünü bu əmanətə dikiblər. Bu qədər gəlirlər gələn bir ölkədə, heç olmasa, yaşlı insanların haqqını qaytarmaq lazımdır ki, onlar acından ölməsinlər. Bu insanlar seçicilərlə görüşlərimizdə dəfələrlə bunu tələb edirlər. Hesab edirəm ki, bu məsələyə baxmağımız məqsədəuyğun olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən bir şeyi nəzərə çatdırım ki, deputatların təşəbbüs hüququ heç kəsin əlindən alınmayıb. Siz Mehriban xanımın təqdim etdiyi layihəni misal çəkdiniz. Mehriban xanım həm təşəbbüs hüququndan istifadə etdi, həm də komissiyalarda buna baxıldı və komissiyadan keçəndən sonra təqdim edildi. İndi kim təşəbbüs hüququndan istifadə edib komissiyalara qanun layihəsi verib, amma ona baxılmayıb? Xahiş edirəm, çıxış edəndə bir az diqqətli olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Elə bu məsələdən başlamaq istəyirəm. Bir neçə ay bundan əvvəl, hətta bir il bundan əvvəl biz bir qanun layihəsi təqdim etmişik və bu günə qədər ona baxılmayıb. Hətta baxılmaması bir yana qalsın, heç ona reaksiya verilmədi. Fazil bəyin özü də bir qanun layihəsi vermişdi və üstündən bir il keçib, yenə də ona baxılmayıb. Biz bir neçə qanun layihəsi hazırlayırıq, amma qayğılanırıq ki, ona heç bir reaksiya verilməyəcək.
İndi isə müzakirəyə verilmiş qanunvericilik işləri planına münasibətimi bildirmək istəyirəm. Məncə, işlər planında bir sıra gərəkli qanun layihələri var. Məsələn, Rəqabət Məcəlləsi, Tikinti fəaliyyəti haqqında, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında, Təhsil və elm haqqında qanun layihələri diqqət cəlb edir və lazımlıdır. Amma bu qanun layihələrindən üçü əvvəlki sessiyaların iş planına daxil edilmişdi. Niyə onlar müzakirəyə çıxarılmadı? Niyə Rəqabət Məcəlləsinin müzakirəsi sürətlə aparılmadı? Halbuki onlar həyatın aktual sahələrinə aiddir və müzakirəsi çox vacibdir. Burada da deyildi, tikinti fəaliyyəti haqqında qanun olsaydı, ola bilsin, məlum faciə olmazdı. Məsələn, cəmiyyətin gözlədiyi Təhsil haqqında qanun layihəsinin əvvəlki sessiyalarda niyə müzakirəyə çıxarılmaması haqqında izahat belə verilmədi. Halbuki qanunlar ictimai tələblərdən geri qalmamalı, onları qabaqlamalıdır. Milli Məclis isə, məncə, çox əhəmiyyətli proseslərdən geri qalır.
Məsələn, tibb sahəsində vəziyyət hamıya bəllidir. Ailə üzvü əməliyyat olmaq məcburiyyətində qalır, ailə müflis olur. Tibbi xidmət, dərman son dərəcə bahalıdır. Aşağı gəlirli ailələr bir yana qalsın, orta gəlir səviyyəsinə malik əhali bilmir ki, xəstənin əməliyyat və müalicə xərcini necə ödəsin. Azərbaycanda da pulsuz səhiyyə çoxdan ölüb, sığorta səhiyyəsi isə yaranmır. Bəs bu binəva əhali xəstə olanda nə etsin?
Başqa bir məsələyə toxunmaq istəyirəm. Əslində, bu məsələni hakim partiyanın nümayəndəsinin qaldırması daha məntiqli olardı. Bakı əhalisi hər gün gündəlik kommunal problemlərindən şikayət edir. Xətai rayonunun əhalisinin bu yay kanalizasiya, zibil, su, elektrik, evlərin zirzəmilərinin su ilə dolması ilə bağlı problemlərdən dəfələrlə şikayət etməsinə baxmayaraq, onlar həll edilmir və görünür, yaxın vaxtlarda da həll edilməyəcək. Təklif edirəm, bu məsələlərlə bağlı Sosial siyasət daimi komissiyasında, ya da bir neçə komissiyanın birgə iclasında sakinlərin iştirakı ilə müzakirə təşkil edilsin. Bəlkə bu sahənin düzəldilməsi üçün bir qanuna ehtiyac var? Bəlkə bu müzakirələr nəticəsində ağıllı bir tövsiyə meydana çıxar? Ya da müvafiq strukturlar millət vəkillərini və sakinləri inandıracaqlar ki, bu sahələrdə vəziyyət idealdır, kanalizasiya, zibil, su və sair problemlər yalnız Xətai rayonuna aiddir.
Yazılı mətbuat, radio, televiziya 15 sentyabrı Bakının qurtuluş günü kimi qeyd etdi. Amma bu gün rəsmi şəkildə qeyd olunmur. Halbuki həmin gün son dərəcə böyük tarixi əhəmiyyətə malik bir gündür. 15 sentyabr olmasaydı, bəlkə də Qafqazda Azərbaycan adlı dövlət olmazdı və biz burada oturmazdıq. Təklif edirəm, – bu mənim çoxsaylı seçicilərimin də istəyidir, – 15 sentyabr Bakının qurtuluşu, Azərbaycan – Türkiyə dostluq günü kimi rəsmi bayramlar sırasına əlavə edilsin.
Ötən sessiyada ilk dəfə Mart soyqırımı aktı ilə bağlı birinci dinləmə oldu. Məncə, bu faydalı təşəbbüs davam etdirilməlidir. Bu, komissiyaların işinin də canlanmasına səbəb olardı. Keçən sessiyalarda demişdim, indi də deyirəm, Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti haqqında əlaqədar dövlət qurumunun nümayəndəsinin iştirakı ilə dinləmə keçirmək olmazmı? Məncə, olar və lazımdır. Güneydəki vəziyyətlə bağlı dinləmələrin keçirilməsinə böyük ehtiyac var. Bakının nəqliyyat və başqa problemlərinə həsr olunmuş dinləmələr də keçirmək olar və lazımdır. Müzakirəyə təqdim olunmuş işlər planı mövcud problemləri adekvat olaraq əks etdirmədiyindən mən bu layihəyə mənfi rəy verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mənim bir sualım olacaq. Siz təşəbbüs hüququndan istifadə edib hansı qanun layihəsini təqdim etmisiniz ki, o, qəbul olunmayıb və Sizə cavab verilməyib?
N. Nəsibli. Bir il əvvəl Müsavat deputat qrupu adından keçmiş prezidentlərin hüquqları haqqında bir qanun layihəsi rəsmi şəkildə təqdim olunmuşdu. Ondan sonra Müsavat deputat qrupu adından yenə də səhiyyə sahəsini əhatə edən 2 qanun layihəsi təqdim olunub.
Sədrlik edən. Hörmətli Nəsib müəllim, Siz düz deyirsiniz, 2 qanun layihəsi təqdim olunub. Ancaq sizin deputat qrupu da bilir ki, bu qanunlar Milli Məclis tərəfindən hələ 2000-ci ildə qəbul olunmuşdur. Hətta MDB-nin Parlamentlərarası Assambleyası bunları model qanunlar kimi qəbul etmişdir.
Biz bunu sizə izah edəndən sonra üzr istədilər və bu layihələri geri götürdülər. Siz təzədən bu məsələni qaldırırsınız. Ona görə mən məəttəl qaldım ki, bəlkə yeni bir təşəbbüs olmuşdur. Cəmi iki təşəbbüs olub, ikisinin də cavabı verilib. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Mən də bütün həmkarlarımı payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm, hər birinizə uğur arzulayıram. Hər birimiz üçün, cəmiyyətimiz üçün parlamentin hər bir iclası böyük əhəmiyyət daşıyır. Biz bu iclaslarda cəmiyyətin hərtərəfli inkişafına xidmət edən onlarca qanun qəbul edirik. Bu toplantılar istər qanun yaradıcısı funksiyasını daşıyan bizlərin, istərsə də həmin qanunların tətbiq edildiyi cəmiyyətin bütün fərdlərinin həyatında öz izlərini buraxır. Bu baxımdan mən bir anlıq 2006-cı ilin payız sessiyasının açılışına qayıtdım, həmin əlamətdar günü xatırladım. Hamıya məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin toplantıda iştirak edirdi. Elə bu iştirakın özü parlament tarixi üçün əlamətdar bir gün idi. Cənab Prezident ölkədə gedən nəhəng quruculuq işlərindən danışarkən iqtisadi və siyasi islahatların paralel şəkildə aparıldığını qeyd etdi və dedi ki, bu işlərdə Milli Məclisin üzərinə düşən vəzifələr var və əminəm ki, sizin səmərəli fəaliyyətiniz ölkəmizin hərtərəfli inkişafı, möhkəmlənməsi işində mühüm rol oynayacaqdır.
Hörmətli həmkarlarım, bizim fəaliyyətimizin səmərəsi dövlətimizin inkişaf tələblərinə cavab verən, insan hüquq və azadlıqlarının təmin edilməsinə yönələn qanunların vaxtında hazırlanması və qəbul edilməsi ilə ölçülür. Son dövrlərdə Milli Məclis tərəfindən qəbul edilən qanunlar və onların həll etdiyi məsələlər qanun yaradıcılığı prosesinin yüksək səmərəsindən xəbər verir. Bunu ötən iclaslara və bu gün payız sessiyasının işlər planına baxanda bir daha təsdiq edə bilərik.
İşlər planının maraqlı cəhətlərindən biri burada insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənmiş qanun layihələrinin yer almasıdır. Bununla bərabər, bir sıra qanun layihələrinin əhəmiyyəti onların daha qısa müddətdə qəbulunu tələb edir. Məsələn, Cinayət-Prosessual Məcəlləsi baxmayaraq ki, 2000-ci ildə qüvvəyə minib və bundan, sadəcə, 7 il sonra həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının, azadlıqlarının təmin edilməsi haqqında qanun layihəsi hazırlanıb və birinci oxunuşda müzakirə edilib. Ümidvaram ki, biz həmin qanun layihəsini qısa bir müddətdə qəbul edəcəyik.
İş planında qəbul edilməsi nəzərdə tutulan layihələrdən biri də Tikinti fəaliyyəti haqqında qanun layihəsidir. Hesab edirəm ki, vaxtı çatanda bu layihə çox geniş müzakirə ediləcək. Lakin mən qısa olaraq demək istəyirəm ki, bu günə qədər tikinti fəaliyyətini müəyyən edən normalar bir çox qanunvericilik aktlarında pərakəndə halda öz əksini tapmışdı. Bu da tikinti fəaliyyətinə səmərəli nəzarətin həyata keçirilməsinə mane olurdu. Cənab Prezident tərəfindən müzakirəmizə təqdim edilən Tikinti fəaliyyəti haqqında qanun layihəsinin qəbul edilməsi, əlbəttə ki, bu maneələrin aradan qaldırılmasında müstəsna əhəmiyyətə malik olacaqdır. Eyni zamanda, uzun müddət əvvəl qəbul edilmiş qanunların yeniləri ilə əvəz olunması da günümüzün tələbatına çevrilmişdir. Bu mənada Hesablama Palatası haqqında qanun layihəsinin iş planında yer alması təqdirəlayiqdir.
Bütün bunları qeyd etməklə bərabər mən bir təklif irəli sürmək istəyirəm. Son dövrlərdə ailə münasibətlərində yaranan problemlər və onların həlli məsələsi bizi narahat etməyə bilməz. Ailələrin dağılması, nikahların pozulması bu problemlərin ana xəttini təşkil edir. Nikahın pozulmasından sonra gənc anaların düşdükləri acınacaqlı sosial vəziyyət bir daha mövcud qanunvericiliyimizi nəzərdən keçirməyi və meydana çıxan hüquqi boşluqları aradan qaldırmağı bizdən tələb edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38, 39, 40, 41-ci maddələri nikah müqaviləsini ehtiva edir. Lakin nikah müqaviləsi nikaha daxil olan tərəflər arasında çox nadir hallarda bağlanır. Bunun əsas səbəblərindən biri tərəflərin nikah müqaviləsi haqqında heç bir məlumatlarının olmaması və ya az olması ilə bağlıdır. Nikah müqaviləsi haqqında məlumatların tərəflərə çatdırılması, yəni onlar arasında maarifləndirmə işinin aparılmasının hüquqi mexanizminin müəyyən olunması və Ailə Məcəlləsində normativ təsbiti olduqca vacibdir. Hesab edirəm ki, Ailə Məcəlləsinin təkmilləşdirilməsi artıq günümüzün zərurətinə çevrilib.
Bildiyim qədər hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə iş aparır və bir neçə toplantı da keçiriblər. Lakin qanunvericilik orqanı olaraq Milli Məclis də ən qısa zamanda öz sözünü deyərsə, bu ancaq cəmiyyətin xeyrinə olar. Çıxışımın sonunda payız sessiyasının iş planında göstərilən qanunların qəbulunun hüquqi dövlət quruculuğunda yeni töhfələr verəcəyinə əminliyimi bildirmək istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat işçiləri! Payız sessiyasının işlər planında aqrar sahə ilə bağlı da çox mühüm qanun layihələri nəzərdə tutulmuşdur. Mənə elə gəlir ki, Aqrar iqtisadiyyatın dövlət tənzimlənməsi haqqında qanun layihəsini müzakirəyə çıxarıb qəbul etməyə ehtiyac vardır. Bunun bir neçə səbəbi var. Məlumdur ki, ölkə Prezidentinin sərəncamı ilə bu ildən aqrar sahəni təmin etmək məqsədi ilə 80 milyon manat vəsait ayrılmışdır. Yəni iyul ayından başlayaraq bu vəsait torpaq sahiblərinə çatdırılır. Kiçik qüsurları nəzərə almasaq, bu, kənd camaatı tərəfindən çox yüksək qarşılanır və builki payız taxıl səpini prosesinə də bunun müsbət təsiri keçən illə müqayisədə göz önündədir. Belə tədbir kənd təsərrüfatının ümumi inkişaf tempinə çox müsbət təsir etmişdir. Əgər xatırlayırsınızsa, ölkə başçısı Nazirlər Kabinetinin 2006-cı ilin yekunları və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun çıxışında da qeyd etdi ki, belə tədbirlər davam etdiriləcək.
Belə bir qanun layihəsinin qəbul olunmasının başqa bir səbəbi isə yenə də müqayisəli təhlil oluna bilər. MDB ölkələrində belə bir qanunun qəbul olunması aqrar iqtisadiyyatın inkişaf tempini sürətləndirmişdir. Bir də, keçən il bizim iqtisadiyyatda aqrar sahənin inkişaf tempinin başqa sahələrdən fərqli olaraq cəmi 1 faiz olması, ümumiyyətlə, belə bir qanun layihəsinin qəbul olunmasına və aqrar iqtisadiyyatın inkişafının dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yaradır. Mən bu təklifi vermək istəyirdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Məjlum müəllim. Mən bir şeyi yenə də yadınıza salmaq istəyirəm. Mən əvvəl də dedim, hər bir millət vəkilinin qanunvericilik təşəbbüsü qaydasında müraciət etmək hüququ var. Ancaq xahiş edirəm, öncə dediyim kimi, qanun layihələrini komissiyalara verin. Biz indi payız sessiyasına hazır qanun layihələrini çıxarmışıq. Siz verən təkliflərin əksəriyyəti işlənilməmiş qanun layihələrinə aiddir. Ona görə xahiş edirəm, qanun layihələrini işləyin, təqdim edin. Mənim heç bir etirazım yoxdur, gələcəkdə bunlar gündəliyə salınar. Zahid Orucov, buyurun.
Z. Orucov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ötən il sessiyasının ilk iclasında qanunvericilik işləri planına birbaşa dəxli olan, həm də bir az parlamentin özünün səlahiyyətlərinə aid olan məsələlərlə çıxış etmişdim. O, Azərbaycanda seçki sistemində həyata keçiriləcək yeni islahatla bağlı idi. Mən hesab edirdim ki, biz 2002-ci ildə ölkədə proporsional sistemi ləğv edərək bütövlükdə majoritar sistemə keçərkən çox ciddi siyasi dəlillərə əsaslanmışdıq. O siyasi dəlillərdən bir-ikisini xatırlatmalı olsam, deməliyəm ki, onlardan biri o vaxt ölkədə siyasiləşmə əmsalının xeyli dərəcədə aşağı olması idi. Yəni üst-üstə götürəndə Azərbaycanda bütün partiyaların sosial bazası kəmiyyət etibarı ilə ölkə əhalisinin ümumi səs verənlərinin cəmi 10 faizini təşkil edirdi. O cümlədən partiyaların bəzən seçki prosesində vətəndaşın iradəsinin təmsilçiliyinə mənfi təsirləri nəzərə alınmışdı vətəndaşla onu təmsil edən arasında birbaşa ünsiyyət kimi majoritar sistemin üstünlüyü vurğulanmışdı. Buna görə də biz bütövlükdə majoritar sistemə keçid üçün Konstitusiyada islahat apardıq və bununla bağlı referenduma Konstitusiya islahatları paketindən müddəalar daxil etmişdik.
Ötən dövr göstərdi ki, majoritar sistemə bütövlükdə keçid ölkənin ümumi maraqlarına tam cavab vermir. Hesab edirəm ki, ayrı-ayrı dövlət rəsmilərinin Azərbaycanın yaxın gələcəyində yenidən islahatın ola biləcəyinə işarə etməsi bizi bir daha bu məsələyə qayıtmağa vadar edir.
Cənab Sədr, bizdə seçki majoritar, seçki kampaniyaları isə proporsional sistemlə gedir. 60 dairədə öz namizədlərini verən istənilən bir partiya bu prosesdə yenə dominantlıq rolunda çıxış edir və bizim seçki sistemindəki islahatın heç bir mənası qalmır. İkinci tərəfdən, respublika miqyaslı şəxs əyalət miqyaslı şəxsə uduzur. Bu, seçki sistemində çox ciddi bir qüsurdur. Bizim Seçki Məcəlləmiz elə qurulub ki, həmin şəxsin qalib gəlməsi üçün kifayət qədər kvotalar götürülüb. Yəni 50 faiz, üstəgəl bir səs çoxluğu götürülüb və sair. Azərbaycanda gələcək dövr üçün bu sistemə təzədən qayıdılmalıdır. Əlbəttə, qarışıq sistem olmalıdır. Mən düşünürəm ki, Azərbaycanda normal 3–4 güclü partiya sistemin quruculuğuna imkan verəcəkdir. İndi adı çoxpartiyalı olan, sadəcə, bir sədrdən ibarət olan partiya sistemindən çıxış üçün biz proporsional sistemi bərpa etməliyik.
Cənab Sədr, biz 3 il bundan əvvəl “İnformasiya azadlığı haqqında” Qanun qəbul etmişik. Bu qanunun ən mühüm tələbi də bundan ibarət idi ki, dövlət qurumları, müvafiq hökumət strukturları vətəndaşlarla fəal ünsiyyət qurulması üçün məsuliyyət daşıyırlar və bu həmin dövrlərdə çox ciddi bir ənənəyə çevrilməkdə idi. Yəni müvafiq hökumət strukturlarının təmsilçiləri mütəmadi olaraq media ilə görüşməyə başlamışdılar. Həmin dövrdə nəzərdə tutulurdu ki, informasiya məsələləri üzrə komissarlıq yaradılacaq. Üstündən 3 il keçib. Mən hesab edirəm ki, ölkə başçımızın imzaladığı sənədə hörmət etmək lazımdır. Bu, parlamentin səlahiyyətlərinə aid olan bir məsələdir və biz informasiya məsələləri üzrə komissarlıq institutunu yaratmalıyıq.
Üçüncü məsələ. Cənab Sədr, mən hərbi doktrina ilə bağlı məsələni burada vurğulamaq istəyirəm. Cəmiyyət, siyasi dairələr, beynəlxalq qurumlar tərəfindən qəbul olunan çox mühüm bir sənəddir. Biz dəfələrlə bunun nədən gecikməsi və bu sənəd üzərində nə səviyyədə iş aparılması ilə bağlı məlumatlar, müsahibələr vermişik. Amma açıq deyək ki, cənab Prezident Milli təhlükəsizlik konsepsiyasını imzalayandan sonra bizim gətirə biləcəyimiz arqument qalmayıb. Cənab Prezidentin imzaladığı konsepsiyanın müddəalarından biri ondan ibarət idi ki, müvafiq hökumət strukturları 3 ay ərzində həmin işi başa çatdırıb parlamentə təqdim etməlidilər. Hərbi sferada böyük islahatlar proqramı üçün münbit bir zəmin hazırlayacaq hərbi sferanın konstitusiyası adlandırılan bu doktrinanın sessiyanın gündəliyinə salınmaması məni çox təəccübləndirir. Bunu “Ermənistanın adının təcavüzkar kimi salınmasına görə kimsə buna narazı olub” və sair arqumentlərlə bağlayırlar. Birmənalı şəkildə bunun əleyhinə çıxıram.
Cənab Sədr, Siz parlamentdə çox böyük təmir işlərinin müəllifi oldunuz, tarixə düşdünüz. Görünür, böyük siyasi təmir işlərinin də müəllifi olmalısınız. Bu təmir özünü onda göstərməlidir ki, biz dünya parlamentarizm tarixində özünü göstərən çox müsbət ənənələri daşıyıb bura gətirməliyik. Onlardan birini mən ötən dəfə təklif elədim. Bu, dinləmələrdir. Məsələn, mən birinci dinləmənin mövzusunu təklif edirəm. Tamamilə müxalifətin arqumentlərinə əsaslanaraq ölkə haqqında rəy yaradan “Fridom Haus”, “Transpearans İnterneşnl” və digər bu kimi qurumların hamısının hesabatları yayılır. Biz onlara cavab veririk, onların yanlış, qərəzli olduqlarını, birtərəfli məlumatlara istinad etdiklərini vurğulayırıq. Amma bununla bərabər parlamentdə dəyirmi masalar təşkil oluna bilər. Bu, mütəmadi dinləmələrlə keçirilə bilər. Mən onların hamısının Azərbaycana dəvət olunmasını və burada böyük bir konfransın, ya da başqa səviyyəli bir tədbirin keçirilməsini təklif edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma, hörmətli Zahid müəllim, Siz deyirsiniz ki, iş planında hərbi doktrina haqqında qanun layihəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə müzakirəmizə qanun layihəsi daxil ola bilər. Qanun layihəsi hazırdır, zamanında təqdim olunacaq. Bu qanun layihəsi gündəlikdən çıxmayıb. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Mən iş planına daxil olan bu qanun layihələrini açıqlamaq istəmirəm. Çox mühüm qanun layihələri vardır və şübhəsiz ki, onların üzərində əziyyət çəkmiş mütəxəssislərin əməyini dəyərləndirmək lazımdır. Əgər biz bu iş planını yerinə yetirib bu qanunları qəbul etsək, şübhəsiz ki, o halda Azərbaycanda qanunvericilik bazası istiqamətində irəliyə doğru bir addım atılacaqdır.
Burada bir çox mühüm qüsurlar vardır. Bu, birinci növbədə Milli Məclisin özünün fəaliyyəti ilə bağlı olan qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədardır. Məndə birmənalı şəkildə yaranmış qənaət ondan ibarətdir ki, ən qüsurlu, qeyri-kamil qanunvericilik bazası Milli Məclisin özünün fəaliyyətini tənzimləyən 3 qanundur. Bunlar Daxili Nizamnamə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanun və ”Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanundur. Bu gün meydana çıxan bir çox məsələlər bu qanunların kəm-kəsiri ilə və qüsurlu olması ilə bağlıdır.
Hörmətli Sədr tez-tez burada deputatların qanunvericilik təşəbbüsünün olub-olmaması ilə maraqlandı. Mən bir əlavə də edim. Qanunda müəyyən edilmiş prosedura uyğun olaraq, Aparatda qeydə alınmış, Sədr tərəfindən üstü yazılıb komissiyaya göndərilmiş Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi təqdim olunmuşdur. Onun imzalanmış surətləri də məndədir. Üstündən 7 ay keçib. Halbuki hörmətli Sədr, qanunvericiliyə, Daxili Nizamnamənin tələbinə görə, Aparatda qeydə alındıqdan sonra Siz həmin qanun layihəsini müvafiq komissiyalara göndərməli idiniz və müvafiq komissiyalar da bu məsələyə baxmalı idilər. Qanunvericilikdə birmənalı şəkildə yazılıb ki, 6 ay ərzində bu məsələ müzakirə olunmalıdır. Amma, təəssüf ki, bunun harada müzakirə olunması qeyd olunmayıb. Ona görə deputatların Milli Məclisə təqdim etdiyi qanun layihələri itib-batır. İndi bizə çox qəribə gəldi, dediniz ki, ümumiyyətlə, eks-prezidentlərin statusu haqqında qanun layihəsi təqdim olunmayıb. Yəqin, bu, yaddaşla bağlıdır. Mən istərdim, bu məsələni dəqiqləşdirəsiniz.
Siyasi proseslərin inkişafı ilə bağlı çox mühüm bir məsələ Milli Məclisin qanunvericilik bazasında olan nöqsanlarla əlaqədardır. Bunlardan ən mühümlərindən biri, hesab edirəm ki, deputat fraksiyalarının qeydə alınması ilə bağlı 25 say həddinin qorunub saxlanmasıdır. Yenə nümunə üçün deməyə məcburam ki, qonşu Gürcüstanda cəmi 10 nəfər deputat qrupu fraksiya kimi qeydə alınır. Türkiyədə Böyük Millət Məclisinin 20 nəfər üzvünün partiya qrupu kimi qeydə alınmasına imkan var. İsraildə partiya qrupu kimi 3 nəfərin qeydə alınması kifayətdir və sair. Bu misalları artırmaq da olar. Bizdə 25 nəfərlik hədd, əslində, deputat fraksiyalarının və qruplarının qeydə alınmaması haqqındakı qanundur. Bu məsələyə aydınlıq gətirilməlidir.
Burada Milli Məclisin işinin nədən ibarət olması, kim tərəfindən aparılması, hansı qurum tərəfindən olması məlum deyil. Məsələn, hörmətli Sədrin səlahiyyətləri, sədr kim olacaq, onun səlahiyyətləri haqqında Daxili Nizamnamədə maddələr vardır. Lakin beynəlxalq nümayəndələr kim tərəfindən müəyyənləşir, cari işləri kim müəyyənləşdirir, bunun kollektiv bir qurumu varmı, məlum deyil. Sədr və onun müavinlərinin, komissiya sədrlərinin fəaliyyətini orqan kimi tənzimləyən müddəalar yoxdur. Mən yenə Türkiyəni misal gətirim. Orada başqanlıq divanı var. 20 nəfər sədr heyəti, rəyasət heyətidir. 20 nəfərin 10 nəfəri müxalifətdən, digər 10 nəfəri isə hakim partiyadandır. Eyni ilə müəyyən orqanlarda müxalifətin təmsil olunması məsələsi də bununla əlaqədardır. Söhbət konkret olaraq Müsavat deputat qrupundan getməsə də, mütləq Sədrin müavinlərindən birinin və komissiya sədrlərinin müavinlərinin müxalifətdən olması haqqında məsələ gündəmə gəlməlidir.
Bunu nəyə görə deyirəm? Hörmətli Sədr, yaxın günlərdə təşəbbüs qaydasında Azərbaycanda müxalifətçilik fəaliyyətinin hüquqi tənzimlənməsi haqqında qanun layihəsini it-bata düşməsə, Sizə təqdim edəcəyik. Bundan əlavə, müvafiq qurumlarla Neft haqqında qanun layihəsi işlənib hazırlanıb. Yəqin ki, gələn həftə Aparatda qeydə alınacaqdır. Bir sıra sosial yönümlü qanunlara, o cümlədən “Sosial müavinətlər haqqında” Qanuna, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə və bir sıra başqa qanunlara əlavə və dəyişikliklərlə bağlı təxminən 15-ə yaxın qanunvericilik təşəbbüsü qaydasında işləyib hazırladığımız sənədlər vardır. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələlərə aydınlıq gətirilsin və konkret olaraq onlar gündəmə çıxarılsın.
Mən yenə Seçki Məcəlləsi ilə bağlı qanun layihəsinə qayıtmaq istəyirəm. Prezident seçkiləri ilidir və o, mütləq müzakirəyə çıxarılmalıdır. Rədd olunar, az səs alar, bu, başqa bir məsələdir.
Mənim toxunmaq istədiyim digər mövzu yoldaşlarımın burada qaldırdığı bir məsələ ilə bağlıdır. Antiinflyasiya ilə bağlı müəyyən məsələlərin qanunvericilik qaydasında tənzimlənməsinə ehtiyac yaranmışdır. Çünki icra hakimiyyəti orqanı, təəssüf ki, bu istiqamətdə ciddi addımlar atmır. Bu, əmək haqqı, müavinət və təqaüdlərə inflyasiyanın vurduğu bir illik zərərin ödənilməsi ilə bağlıdır. Onu tənzimləyən anti-inflyasiya qanununu və sosial zərərin aradan qaldırılması haqqında əlavə təlimatlar haqqında qanunu biz işləyib hazırlamışıq. Bu uzun müddət saxlanılacaq bir məsələ deyil. Milli Məclis təcili olaraq bunu qəbul etməlidir.
Bununla əlaqədar bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Təbii ki, bu bir plandır və buna müvafiq əlavələr və dəyişikliklər edilə bilər. Çox vacib olan məsələ bizim Milli Məclisin fəaliyyətinin demokratikləşməsi və şəffaflığı məsələsidir. Açığı, mən etiraf edirəm ki, antidemokratik qurum elə bizim bu Milli Məclisdir, ən anti demokratik idarəçilik bu Milli Məclisdədir və ən antidemokratik rəhbərlik elə Milli Məclisin rəhbərliyidir. Siz bir il bundan qabaq söz vermişdiniz ki, Milli Məclisin televiziyası olacaqdır, yoxdur. Bir il bundan qabaq sorğulara cavab verirdiniz. Bu da bir–iki ay oldu, sonra kəsildi. Bir il bundan qabaq siz müxtəlif deputatların, köməkçilərin yerlərdəki fəaliyyəti haqqında vədlər vermişdiniz. Təəssüf ki, bunlar kağız üzərində qaldı. Biz icra hakimiyyətlərinin təzyiqlərini başa düşürük. Buna çox böyük mətanət və fədakarlıqla sinə gərmək lazımdır. Təslim olmaq olmaz. Buna görə də Siz bizə qanun layihələrini deyin, biz hazırlayaq, qəbul edək. Heç olmasa, bu Sizə müəyyən əsaslar versin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Pənah bəy, sən heç vaxt mənim dərdimi çəkmə. İnsanda bir az insaf da olmalıdır. İkincisi, Siz heç bir q anun layihəsi verməmisiniz. Mən sizin verdiyiniz 2 qanun layihəsi haqqında məlumat verdim.
Seçki Məcəlləsinə gələndə, istəyirəm, öncə bir məsələni qeyd edim. Çox təəssüflər olsun, bu bizim millətə xasdır, biz ömür boyu böyük qardaş axtarmışıq. Vaxtı ilə problemlərimizin həllini Moskvada axtarırdıq, indi Seçki Məcəlləsini Azərbaycanda müzakirə etməmiş, birinci, Avropa Şurasına çıxarırıq. Sizin həmkarlarınızın xahişi ilə Avropa Şurası dönə-dönə xahiş etdi ki, bu məsələlərə Venesiya komissiyasında baxılsın. Xəbəriniz olsun ki, komissiya yaranır və Seçki Məcəlləsi üzərində iş aparılır. Siz əvvəlcədən bizə heç nə demədiniz, bizdən qabaq Avropa ilə işlədiniz. Hamımız avropalaşırıq, demokratiyaya gedirik.
Mən mat qalıram, sən bu antidemokratik Milli Məclisdə necə işləyirsən? Sənin kimi demokrat burada necə fəaliyyət göstərir? Çox sağ ol. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibəti ilə hər birinizi təbrik edirəm. Yay tətilində olduğumuz dövrdə hörmətli həmkarımız Fəzail bəyin 60 yaşı tamam olub. Mən istərdim ki, hamımız onu bu münasibətlə təbrik edək, ona uğurlar arzulayaq.
Sədrlik edən. Üzr istəyirəm. Pənah bəy, mən heç vaxt deməmişəm ki, televiziya kanalı açılacaq. Demişəm ki, televiziya mərkəzi açılacaq. O mərkəz açılıb, işləyir. Buyurun, Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Mən sentyabr ayında Milli Məclisə Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi barədə layihə təqdim etmişdim. Azərbaycandakı bütün mövcud problemlərə, çatışmazlıqlara baxmayaraq, respublikamızın iqtisadiyyatı güclənir.
Azərbaycan Respublikasının Prezidenti hökumət üzvləri ilə keçirdiyi son müşavirədə də qeyd elədi ki, ölkədə siyasi islahatları dərinləşdirməyə, demokratik prosesləri sürətləndirməyə ehtiyac var. Bu dəyişikliklər və əlavələr də məhz ölkədə demokratik islahatların, demokratiyanın genişləndirilməsinə xidmət edən təkliflər idi. Təkliflərin mahiyyəti ondan ibarət idi ki, Milli Məclis üzvlərinin sayı artırılsın, ölkədə proporsional seçki sistemi bərpa olunsun, hökuməti parlament seçkilərində qalib gəlmiş siyasi partiya formalaşdırsın və hökumət üzərində parlamentin ciddi nəzarəti yaransın.
Eyni zamanda, bu layihələrə görə Prezidentin də səlahiyyətləri qorunub saxlanılır. Bu həm də ölkədə çoxpartiyalı sistemin inkişaf etməsinə öz töhfəsini verər, vətəndaş cəmiyyəti quruculuğuna xidmət edərdi. Mən hesab edirəm ki, əgər bu islahatlara gedilərsə, Konstitusiyaya bu dəyişikliklər və əlavələr qəbul olunarsa, cəmiyyətdəki bəzi neqativ hallar öz-özünə aradan qalxmış olacaqdır. Bunun üçün də mən istəyərdim ki, Konstitusiyaya təklif etdiyim dəyişikliklər və əlavələr müvafiq komissiyaların müzakirəsinə verilsin. Əgər bu qanun layihəsi qəbul olunmayacaqsa, bu barədə prosedura uyğun olaraq mənə rəsmən məlumat verilsin.
İkinci deyəcəyim məsələ hicablı vətəndaşların dövlət müəssisələrinə və təhsil müəssisələrinə gəlməsi ilə bağlıdır. Bizim Konstitusiyamız, “Dini etiqad azadlığı haqqında” Qanunumuz var. Hesab edirəm ki, xəstəxananın rəhbəri hicablı şəxslərin iş yerlərinə gəlməsinə qadağa qoyubsa, bunu alqışlamaq və təqdir eləmək lazımdır. Çox təəssüf ki, dövlət müəssisələrində çalışan bəzi vəzifəli şəxslər ölkə Konstitusiyasına əhəmiyyət vermirlər, qanunu bilmirlər və hicablı şəxslərin dövlət müəssisələrinə daxil olmasına imkan yaradırlar.
Bizim Konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyanın 18-ci maddəsində də qeyd olunur ki, din dövlətdən ayrıdır. Bizim vətəndaşlar hicabı başlarına bir dəb olaraq taxmırlar, dini bir atribut kimi gəzdirirlər. Ona görə də dövlət müəssisələri buna imkan verməməlidirlər. Biz dünyəvi dövlətik. Vətəndaşlar ibadətə gedərkən dini atributlarla gedə bilərlər. Biz imkan verməməliyik ki, dövlətin dünyəvilik prinsiplərinə xələl gəlmiş olsun. Bu günlər biz buna lazımi reaksiya verməsək, mən hesab edirəm ki, gələcəkdə bizim dövlətçiliyimizdə dünyəviliklə bağlı problemlər yarana bilər. Biz bunun nəticələrini qonşu Türkiyədə görürük.
Mən vaxtı ilə azanın mikrofonlarla gücləndirilməsi ilə bağlı məsələ qaldırmışdım. Xəstələr, körpə uşaqlar var. Mən hesab edirəm ki, bizim hər birimizin qəlbində Allaha böyük sevgi var. Bunu heç kim başqa cür qiymətləndirməməlidir. Mollalar özlərinə əziyyət verməlidirlər, çıxıb canlı səslə oxumalıdırlar. Bu baxımdan müvafiq qanunlar lazımdırsa, gəlin, qəbul edək. Bu barədə açıq yazaq və təhsil müəssisələrinin rəhbərləri bilsinlər ki, məsələn, hicabla tələbələri dərsə buraxmaq olmaz. Qoy onlar bunu açıq şəkildə bilsinlər və biz buna görə də hətta məsuliyyət nəzərdə tutaq. Mən bunu birmənalı şəkildə bütün millət vəkillərinin diqqətinə çatdırıram və bu narahatlığımı onlarla bölüşürəm.
Bu məsələyə bu qədər geniş yer verməyimi də, yəqin ki, çoxlarınız bilirsiniz. Bəziləri bu barədə danışmaq istəmir. Fikirləşirlər ki, onlara dini qurumlar tərəfindən hücumlar ola bilər. Amma mən açıq deyirəm, bu gün insanların bir çoxu dinə Allaha olan sevgisinə görə yox, ayrı-ayrı dini missioner qurumlar tərəfindən külli miqdarda pul verildiyinə görə cəlb olunurlar. Kənardan idarə olunan bu cür qüvvələr dövlətçiliyimizin əsasları üçün ciddi təhlükə yarada bilər və bunun işartıları artıq görünməkdədir. Ona görə də mən Milli Məclisin bu yüksək tribunasından bu məsələləri diqqətinizə çatdırmağı özümə borc bildim.
Oqtay müəllim, burada əmanətlərin qaytarılması məsələsi qeyd olundu. Hesab edirəm ki, biz payız sessiyasında büdcənin müzakirəsində bu məsələni gündəliyə salmalıyıq. Bizim insanlarımız sovet dövründə min bir zəhmətlə pul qazanıblar. İndi onların çoxu dünyasını dəyişib. Onlara ömürlərinin ahıl vaxtlarında qazandıqları vəsaitdən istifadə etmək imkanı yaratmaq lazımdır. Hökumət inflyasiyadan qorxur, buna görə ipoteka kreditləri də dayandırılıb. Bu yolla inflyasiyanın qarşısını almaq olmayacaq. Bunun qarşısını almaq üçün istehsal müəssisələri açılmalıdır. Keçən il büdcənin müzakirəsi zamanı biz qeyd etdik ki, tikinti-təmir işlərinə büdcədən həddindən artıq vəsait ayrılır. Bazara çoxlu pul daxil olur, amma onun arxasında əmtəə dayanmır. Ona görə də inflyasiya olacaq.
Körpülər tikirik, lap yaxşı. Amma Bakıda 9 körpü tikilirsə, heç olmasa, 4 dənə də, tutaq ki, 20 milyon dəyəri olan istehsal müəssisəsi tikilməlidir. Rayonlarda emal müəssisələri yaradılmalıdır. Goranboyda bir konserv zavodu var idi, dağılıb gedib. Yol xərci baha olduğu üçün camaat meyvəni Bakıya gətirmir, mal-qaraya yedizdirir. Kim inanmırsa, getsin, baxsın. Dünən oradan gəlmişəm. Oqtay müəllim, biz prinsipial mövqe tutmalıyıq və payız sessiyasında əmanətlərin qaytarılması məsələsini gündəliyə salmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən Sizin birinci sualınıza cavab verim. Bəli, Siz qanunvericilik təşəbbüsü ilə çıxış etmisiniz. Təqdim etdiyiniz qanun layihəsi Konstitusiyaya dəyişikliklər və əlavələrlə əlaqədardır. Hüquqşünas kimi məndən də yaxşı bilirsiniz ki, Konstitusiyanın mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Bunun üçün cənab Prezident və ya Milli Məclis tərəfindən təklif olmalıdır. Yalnız bir deputatın təklifi ilə bu, mümkün deyil. Ona görə də bu məsələyə baxılır, bu haqda Sizə cavab veriləcək.
İkinci, əmanətlər haqqında danışdınız. Məsələ gəlib o yerdə dayandı ki, bunun icra mexanizmini tapa bilmədik. Qazaxıstanda, Rusiyada və digər ölkələrdə buna başladılar, amma hamısı yarımçıq qalıb. Hələ bunun normal icra mexanizmi yoxdur. Biz bu məsələni hökumətin qarşısında qoymuşuq. Yəqin, büdcənin müzakirəsində onlar buna cavab verəcəklər.
Hörmətli millət vəkilləri, artıq 1 saatdan çoxdur ki, 1-ci məsələni müzakirə edirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı. Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm. Xüsusən də Milli Məclisdə aparılan təmir və quruculuq işlərinə görə, cənab Sədr, şəxsən Sizə təşəkkürümü bildirirəm.
Hesab edirəm ki, doğrudan da, payız sessiyasının gündəliyinə siyasi partiyalar haqqında qanun layihəsi daxil edilməlidir.
Burada çıxış edənlər dedilər ki, kəndin inkişafı üçün çox işlər görülür. Mən yayda kəndlərdə oldum. Əsasən, mədəniyyət və təhsil sahəsində yeniliklər var. Amma növbəti mərhələdə kənd camaatının işlə təmin olunması və kənd təsərrüfatının inkişafı üçün ciddi bir dövlət proqramının hazırlanması zəruridir. Əkinçilik sahələrinin bərpa olunması, ekoloji cəhətdən təmiz Azərbaycan məhsullarının rəqabətə davamlılığının artırılması və müəyyən emal müəssisələrinin yaradılması üçün hökmən ciddi işlər görülməlidir. Çünki işsizlik kəndlərin boşalmasına gətirib çıxarır.
Başqa bir məsələ şəhərlərimizin qorunması ilə bağlıdır. Siz bilirsiniz, bu günlərdə Sankt-Peterburqun mərkəzində göydələnlərin tikilməsinə etiraz olaraq camaat küçələrə çıxdı. Bakıda, Gəncədə tarixi mərkəzlərin qorunması məsələsi çox acınacaqlı vəziyyətdədir. Şəhər mərkəzləri öyrənilmədən dağıdılır. Bilirsiniz, Bakıda və ətrafında, Gəncədə yeraltı yolları betonla doldurub üstündə evlər tikirlər. Bakıya gələn qonaqların hamısı təəssüflənir. Şəhərin mərkəzi eybəcər bir hala düşüb. Körpü tikintisinə ayrılan vəsaitin bir hissəsini yolların genişləndirilməsinə sərf etmək lazımdır. Ona görə də hesab edirəm ki, şəhərlərimizin yenidən qurulması məsələsi qanunla tənzimlənməlidir.
Yurdsalma məsələsinə də diqqət artırılmalıdır. Azərbaycanın harasında bir gözəl guşə varsa, işğal olunub. Bulaqlar, sular işğal olunub. Kim harada istəyir, orada özünə yurd salır. Bunanla bağlı bir dövlət proqramı olmalıdır. Biz 10 ildən sonra ayılıb görəcəyik ki, ümumiyyətlə, Azərbaycan yaşanmaz bir vəziyyətə düşüb. Büdcənin israfçılıqla xərclənməsinə qarşı müəyyən tədbirlər görülməlidir. Baxın, hər il Bakıda işıq dirəkləri dəyişdirilir. Başa düşmək olmur. Yəni biz millətimiz üçün hər işi görüb qurtarmışıq ki, işıq dirəklərini ildə bir dəfə dəyişdiririk? Bakı gözəldir. Amma bir ildə nə qədər səki daşı dəyişdirilər. Bunun pulu haradan gəlir? Onun hesabına Bakıda camaat üçün istehsalat sahələri yaradılmalıdır.
Burada dövlət torpaqları ilə bağlı bir qanun nəzərdə tutulub. Elə hesab edirəm ki, bu çox vacib bir məsələdir. Çünki mən aran rayonlarında olanda camaatın danışıqlarından bildim ki, vaxtı ilə qışlaqlar kimi istifadə olunmuş dövlət torpaqlarının çox böyük bir hissəsi bu gün ayrı-ayrı məmurlar tərəfindən zəbt olunub. Kim olduğu da bəlli deyil, amma torpaqlara heç kimi yaxın buraxmırlar. Camaat köhnə qışlaqlara yaxın düşə bilmir. Bu məsələyə diqqət artırılmalıdır.
Digər vacib bir məsələ ana dilinə münasibətlə bağlıdır. Düzdür, ana dilinin, dövlət dilinin qorunması ilə bağlı qanunumuz var. Ancaq bu gün dövlət dilimiz yalnız rəsmi dairələrdə qorunur. Amma baxın, küçələrdə, bazarlarda hansı dildə danışırlar. Xüsusən də elitar təbəqənin, dövlət məmurlarının bir araya toplandığı yerlərdə onların uşaqları ana dilində danışmırlar, ana dilində oxumurlar. Mən hesab edirəm ki, vaxtı çatıb, Azərbaycan Respublikasının Prezidenti bir sərəncam versin ki, uşaqlarını ana dilində, dövlət dilində oxutmayan məmurların dövlət vəzifəsi daşıması düzgün deyil. Ən azı ona deyək ki, onun buna mənəvi haqqı çatmır. Uşaqlarını əsgərliyə göndərməyənlər dövlət vəzifəsində çalışa bilməzlər. Uşaqlarını Azərbaycandan kənarda saxlayırlar, amma Azərbaycanın sərvətinə sahibdirlər. Nəhayət, əsgərlik çəkməyən gənclərin dövlət vəzifəsində çalışması bir sıra ölkələrdəki kimi yasaqlanmalıdır. Məncə, bu sahələrdə hökmən nizam yaratmaq üçün müəyyən qanunlar qəbul etmək lazımdır. Siyasi islahatlarla bağlı hökmən müəyyən addımlar atılmalıdır. Bilirsiniz ki, camaat dövlət idarələrindən ciddi şəkildə narazıdır. Vətəndaşların şikayətlərinə baxılmır, qəbul qaydaları pozulur. Hansı qapıya gedirlərsə, soruşurlar ki, səni çağırıblar? Necə yəni, onu çağırmayıblarsa, orada nə işi var? Deməli, bunların qarşısını alan tənzimləyici qanunlar lazımdır.
Son olaraq demək istəyirəm ki, Biləcəridə atom reaktoruna oxşayan bir avtovağzal tikilir. Deyirlər ki, guya 65 milyon manata başa gəlir. Onun yanında yerləşən kinostudiyanın binası dağılıb. Dəhlizlərində bir dənə işıq yanmır. Avtovağzala ayrılacaq vəsaitin yarısını bura qoyun, 5 mərtəbə tikməyin, 3 mərtəbə tikin. Belə olsaydı bir mədəniyyət ocağımız fəaliyyət göstərərdi. Bu dəqiqə bizi dünyaya çatdıran mədəniyyətdir, kinodur. Buna kömək etmirik, amma hər yerdə bir dənə göydələn ucaldırıq. Bu məsələlər çox vacibdir. Mən hesab edirəm ki, burada deyilən kimi, millət vəkillərinin qanunvericilik imkanları əllərindən alınmamalıdır. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Sabir müəllim, dediyiniz məsələlərin əksəriyyəti qanunda öz həllini tapıb. Deyirsiniz ki, dövlət qulluğunda çalışanlar hərbi xidmət çəkməlidirlər. Əgər yadınızdadırsa, yazda “Hərbi qulluqkeçmə haqqında” Qanuna dəyişikliklər etdik. Əsgəri xidmət keçməyən şəxslər prokurorluq, gömrük və digər orqanlarda işə qəbul olunmurlar.
Azərbaycan dilinin tətbiqi ilə əlaqədar cənab Prezident fərman verib, latın qrafikası ilə kitablar çıxır. Bunun üçün siz də müəyyən işlər görməlisiniz. Azərbaycanın şairləri, yazıçıları, bütün ziyalıları bu sahədə işləməlidirlər. Kinostudiya ilə bağlı fikirlər səsləndirdiniz. Türkiyədən pul ayrılıb, artıq orada da iş gedir. Sabir müəllim, istərdim, bunları biləsiniz. Danışanda, xahiş edirəm, öyrənək, sonra danışaq. Bu sahələrdə işlər gedir. Danışmazdan əvvəl öyrənmək lazımdır. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən də 2007-ci il payız sessiyasının qanunvericilik işləri planını dəstəkləyirəm və onu çox vacib sayıram. Amma mənim bir neçə təklifim var. Yadınızdadırsa, yaz sessiyasının axırlarında mən “Yol hərəkəti qaydaları haqqında” Qanuna ciddi dəyişikliklər edilməsi barədə təkliflə çıxış etmişdim. Hörmətli Oqtay müəllim bu təklifi bəyənmişdi və hətta qeyd etmişdi ki, qanun layihəsi müvafiq komissiyalarda işlənsin. Mən xahiş edirəm ki, bu qanun layihəsini payız sessiyasının gündəliyinə salaq. Söhbət ancaq sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasından və cərimə məbləğinin qaldırılmasından getmir. Söhbət daha qlobal məsələlərdən – küçələrimizdəki ekoloji vəziyyətdən, tıxaclardan, piyadaların təhlükəsizliyindən və bir sıra başqa məsələlərdən gedir.
Bircə faktı qeyd etmək istərdim. Bütün inkişaf etmiş ölkələrin paytaxtlarında ictimai nəqliyyat vasitələrinin ən çox işlənən növləri trolleybus, tramvay və metrodur. Bizdə isə Nəqliyyat Nazirliyinin bütün səylərinə baxmayaraq, Bakı köhnə, texniki baxımdan nasaz olan avtobusların əlindən boğulur və zəhərlənir. Mən hələ köhnəlmiş sovet markalı minlərlə maşınları demirəm. Mütəxəssislərin hesablamalarına görə hətta 12–15 milyonluq Moskva şəhərinin atmosferi Bakıya nisbətən təmizdir. Çünki orada Dövlət Avtomobil Müfəttişliyi texniki və mənəvi cəhətdən köhnəlmiş maşınlara qarşı daha sərt və ciddi mübarizə aparır. Onların əllərində Dövlət Dumasının müvafiq qanunu da var. Bizdə isə, siz hamınız şahidsiniz, mərkəzi küçələrdə az qala əleyhqazla gəzmək lazımdır. Bu, cavanlara, uşaqlarımıza daha ağır təsir göstərir.
Bakıda sonsuz ailələrin sayı kəskin surətdə artmaqdadır. Yüzlərlə, minlərlə cavan ailə ata-ana sevincinə nail ola bilmir, nəvələrimiz də xəstə doğulurlar. Mən bunun səbəbini Bakıda ekoloji qaydalara riayət edilməməsində görürəm. Tramvay və trolleybus kimi ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin Bakının küçələrindən yığışdırılmasında və texniki cəhətdən nasaz maşınların sayının çoxluğunda görürəm. Bilirik ki, ölkə başçısı hörmətli İlham Əliyev respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük əhəmiyyət verir. Hesab edirəm ki, biz – millət vəkilləri də bu işə qoşulmalıyıq və Bakıda, respublikanın digər şəhərlərində ekoloji cəhətin yaxşılaşdırılmasına xidmət edəcək müvafiq qanun layihəsini gecikmədən hazırlamalıyıq. Biz həm də Bakıda tramvay, trolleybus parkının bərpa edilməsi haqqında, Bakı şəhərinin statusu haqqında qanun layihələrinin hazırlanması üçün də müəyyən addımlar atmalıyıq. Mən başa düşürəm ki, bu, böyük vəsait tələb edən məsələdir, amma gələcək nəsillərin sağlamlığı baxımıdan biz mütləq buna getməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Sağ olun, Ziyafət müəllim. Azərbaycanın ən müasir tarixində Milli Məclisin rolu danılmazdır. Bunu bir daha möhtərəm Prezidentimiz İlham Əliyev ötən il oktyabr ayında parlamentdə etdiyi çıxışda qeyd etdi və parlamentin fəaliyyətini çox yüksək qiymətləndirdi. Payız sessiyasının müzakirəsinə çıxarılan qanunvericilik işləri planı mahiyyətinə və aktuallığına görə bugünkü reallıqlara cavab verir, Azərbaycanın sosial-iqtisadi inkişafını özündə ehtiva edir.
Mən xüsusi vurğulamaq istəyirəm ki, bu qanun layihələri parlamentin gündəliyinə salınarkən çox geniş müzakirələrdən keçib. Mən şəxsən istəyirəm, bizim komissiyanın iş metodundan danışam. Bütün bura salınan qanun layihələri birbaşa komissiyamızın üzvləri tərəfindən müzakirə olunub. Təkcə bu iclas üçün yox, gələn iclas üçün də biz məsələləri komissiyamızın üzvləri arasında bölmüşük. Demək olar ki, komissiyanın qəbul etdiyi qərar bu gün öz əksini tapıb.
Bu gün Milli Məclisin rəhbərliyi haqqında “antidemokratik” sözünü işlətmək ən azı insafsızlıqdır. Çünki bütün bu layihələr bizim hər birimizin müzakirəsi nəticəsində ortaya çıxıb. İş planı, həqiqətən, çox gərgindir. Nəzərə alaq ki, biz payız sessiyasında həm büdcəni, həm də Təhsil qanununu müzakirə edəcəyik. Elə qanunlar var ki, həqiqətən, geniş müzakirə tələb edir. Ona görə bu gün mənim təklifim ondan ibarətdir ki, biz plenar iclasların vaxt limitindən səmərəli istifadə edək. Çalışaq ki, mahiyyəti tam açıqlamaq istiqamətli müzakirələri komissiyanın iclaslarına, mətbuata, teledebatlara keçirək. Bu gün bizdə yaradılmış Televiziya Mərkəzinin də burada xüsusi rolu ola bilər. Biz televiziya kanalları ilə möhkəm əməkdaşlıq etməliyik ki, bəzən layihələr Milli Məclisin iclasına çıxarılana qədər televiziya müzakirələrinə, digər müzakirələrə məruz qalsın. Onda sosial sifarişlər özünü daha çox göstərə bilər və bu da layihələrin keyfiyyətinə xidmət edər.
Bu gün burada səslənən fikirlərin böyük əksəriyyəti sosial problemlərlə bağlı idi. Biz yenicə Budapeştdən qayıtmışıq. Biz 1 həftə orada olduq. Avropaya inteqrasiya edən ölkədir, Avropa İttifaqının üzvüdür. Amma Budapeştin özündə 25 min evsiz adam metroda, keçidlərdə yatır. Bu gün biz sosial problemlərdən danışanda unutmamalıyıq ki, sosial-iqtisadi inkişafın özü bəzi reallıqları diktə edir və bu bəzən neqativlərlə müşayiət olunur. Odur ki, hesab edirəm, problemlərin mövcudluğundan qorxmaq lazım deyil, lazım olanda onları parlamentin iclasına çıxarmaq da olar. Bu baxımdan bizim komissiyanın adından bütün deputat həmkarlarıma müraciət edirəm ki, onlarda hansısa ölkənin maraqlı qanun layihəsi varsa, onu bizə təqdim etsinlər. Bəzən bizə düzəlişlər daxil olur. Onlar da əhəmiyyətlidir. Bəzilərini qəbul etmək mümkün deyil. Bütün bunların hamısına aydınlıq gətirmək olar. Mən deputat həmkarlarımı birgə əməkdaşlığa çağırıram. Xahiş edirəm ki, deputat həmkarlarım iş planının təsdiq olunmasına səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi müəllim düz dedi, Pənah Hüseyn burada Azərbaycan parlamentinin rəhbərliyini antidemokratiklikdə suçladı. Əslində, Pənah Hüseynin fikrində qeyri-adi bir şey görmürəm. Çünki Pənah Hüseyn hakimiyyətdə olanda ölkədə o qədər qeyri-demokratik şərait yaratmışdılar ki, indi mövcud olan demokratik şəraiti həzm edə bilmirlər. Onun nə deməsinə fikir vermək lazım deyil, bu onun köhnə şakəridir. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Əvvəlcə hamınızı salamlayıram. Payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm, işlərinizdə müvəffəqiyyətlər, uğurlar arzulayıram. Payız sessiyasının iş planı əvvəlki planlardan bir sıra cəhətlərinə görə fərqlənir. Əgər burada nəzərdə tutulan layihələr qəbul edilərsə, payız sessiyası öz sanballığına görə digər sessiyalardan fərqlənəcək. Yaz sessiyasında deputat həmkarım Vahid Əhmədovla birgə verdiyim təkliflərin bir hissəsinə müsbət cavab aldığıma görə təşəkkür edirəm. Güman edirəm ki, yerdə qalanları da qəribçiliyə düşməyəcək, onlara da müsbət rəy veriləcək və bu, qanunvericilik sahəsində bayaqdan danışılan fikirlərə bir aydınlıq gətirilməsinə köməklik edəcəkdir.
Burada qəbul ediləcək qanunlar haqqında bir neçə məqamı qeyd etmək istəyirəm. Siyahıda Təhsil haqqında qanunun olması yalnız bir cəhətdən böyük əhəmiyyət kəsb edir ki, bu gün insan kapitalı önə çıxır və bu kontekstdə təhsil qanunu kimi sanballı bir qanunun qəbul edilməsinə böyük ehtiyac var. Güman edirəm ki, həmın sessiyada bu məsələ həll olunacaqdır.
Azərbaycan bu gün rəqabət səviyyəsinə görə dünyada 75-ci yerdədir. Hesab edirəm ki, onun şansları var ki,  rəqabət qabiliyyətli 50 ölkənin siyahısına düşsün. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi bu sahədə qanunvericilik bazasının möhkəmlənməsində və Azərbaycanın həmin istiqamətdə sürətlə irəliləməsində mühüm rol oynayar.
Azərbaycanda neft bumu ilə yanaşı, tikinti bumu gedir. Amma etiraf etmək lazımdır ki, bu, xaotik xarakter daşıyır. Tikinti fəaliyyəti haqqında qanunun qəbul edilməsi həm Bakıda, həm də regionlarda tikinti ilə bağlı proseslərin tənzimlənməsində mühüm rol oynaya bilər.
Çox danışılır ki, büdcə inflyasiya mənbəyidir. Amma büdcə gələn ildən ciddi inflyasiya mənbəyi ola bilər. Çünki adambaşına düşən büdcə vəsaiti min dollardan yuxarı qalxacaq. Ona görə də Hesablama Palatası ilə bağlı qanunun qəbul edilməsi bu sahədə atılan mühüm addımdır. Digər tərəfdən, indi mövcud olan qurumların büdcənin bütün vəsaitinə nəzarət etmək imkanları yoxdur. Belə bir qanunun qəbul edilməsi bu sahədə irəliyə doğru atılmış addım olacaqdır.
Bir sıra istiqamətlərdə də təşəbbüs hüququmuzdan istifadə etmək istəyirik. “Pensiya haqqında” Qanun müzakirə olunan zaman biz pensiyaya qoyulmuş məhdudiyyətin aradan qaldırılması təklifini vermişdik və bu gedib əlaqədar təşkilatlara çatmışdı. Təşəkkür edirəm, məsələnin bir hissəsi həll olunub. 2007-ci ildən pensiyaya çıxanlara məhdudiyyət yoxdur. Amma söz verilmişdi ki, il yarıma qalanları da həll olunacaq. Ona görə biz köhnə təklifimizi bir də qaldırırıq, 2006-cı ilə qədər pensiyaya çıxan insanların pensiyasına qoyulan məhdudiyyət aradan qaldırılsın. Əgər bu məhdudiyyət qaldırılmasa, 30–40 il zəhmət çəkən insanla bir gün işləməyən insanın pensiyası arasında elə bir fərq olmayacaq. Bundan da böyük ədalətsizliyi mən təsəvvürümə gətirə bilmirəm. Ona görə də mütləq həmin məhdudiyyətin aradan qaldırılması məsələsinin 2008-ci ilin büdcə zərfinə daxil edilməsini məqsədəuyğun hesab edirəm. Bu istiqamətdə biz təklifləri vermişik, il yarım da bitib. Hesab edirəm ki, verilən sözün arxasında durub həmin təklifləri reallaşdırmaq lazımdır.
2 il bundan öncə Prezidentin fərmanı ilə batmış əmanətlərin mexanizminin hazırlanması ilə əlaqədar Nazirlər Kabinetinə göstəriş verilib. Fərmanda 3 ay müddət qoyulmuşdu. Artıq 2 il keçib. Bu, kifayət qədər yetərli müddətdir. Görürsünüz ki, Ukraynada keçirilən seçkilərdə də Timoşenkonun əlavə səs toplaması batmış əmanətlərin qaytarılması ilə bağlı verdiyi vədlərlə bağlıdır. Gələn il Prezident seçkiləridir. Necə ola bilər ki, 2008-ci ilin büdcəsində bu öz əksini tapmasın?
Yadınızdadırsa, may ayında “Dövlət borcu haqqında” Qanun qəbul edilən zaman hörmətli Ziyad Səmədzadə Vahid Əhmədovla mənim təklifimi səsləndirmişdi. Bu, “Dövlət borcu haqqında” Qanuna bilavasitə batmış əmanətlərin dövlət borcu kimi daxil olması bəndinin, yəni 9.1.4-cü maddənin salınması ilə əlaqədar idi. Bu məsələyə də əlaqədar təşkilatlar müsbət cavab versələr, yaxşı olar. Qanun hazırdır, bir sıra məqamlar var, onları qəbul edib aradan qaldırmaq olar. 2006-cı ilin büdcəsində əmanətlərin qaytarılması ilə əlaqədar 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Həmin 50 milyon manatın 2008-ci ilin büdcəsində öz əksini tapmasını məqsədəuyğun hesab edirəm.
Bir məsələni də qeyd etmək istəyirəm. Biz tez-tez yerlərdə əhali ilə görüşürük. İndi işıq, qaz, su ilə bağlı irəliləyiş olsa da, havalar soyuyan kimi bu sahədə problemin olacağından ehtiyatlananlar çoxdur. Əgər bu gün Azərbaycanda elektrik enerjisinin hasilatı və istifadəsi 1989–1990-cı illərin pik səviyyəsinə çatıbsa, artıq heç bir əsas yoxdur deyilsin ki, qışda elektrik enerjisi yoxdur. Ona görə təklif edirəm ki, 2008-ci ilin büdcəsi müzakirə olunan zaman qışa hazırlıq məsələləri də mütləq müəyyən bir formada ora salınsın, müzakirə olunsun. İnsanlarda bir ümid yaransın ki, doğrudan da, bu qışda onların işığı, qazı olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən təklif olunan layihəyə səs verəcəyəm və deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Bununla yanaşı, mənim bir sıra təkliflərim var. İstəyirəm, onları sizin nəzərinizə çatdıram. Biz 2002-ci ilin referendumunda Konstitusiyamıza dəyişiklik etmişik. Alternativ xidmət haqqında qanun layihəsini qəbul etməliyik. Biz qanunu qəbul edək, onun tətbiqi məsələsi artıq cənab Prezidentin səlahiyyətinə daxil olan məsələdir.
İkinci, “Hərbi çağırışın əsasları haqqında” Qanuna əlavə və dəyişikliklər etmişik. Bu məsələ ilə bağlı bizə seçicilər və vətəndaşlar tərəfindən xeyli müraciət daxil olur. 2 uşağı olan adamların, himayəsində II qrup əlil olan insanların, aspirantların, Prezident tərəfindən xaricə təhsil almaq üçün göndərilən gənclərin hərbi xidmətə çağırılması məsələsi narahatlıq doğurur. Bu cür kadrların yetişdirilməsinə külli miqdarda vəsait qoyulur. Belə insanları heç Böyük Vətən müharibəsində də hərbiyə aparmırdılar. Biz isə tamamilə əksinə olan bir addım atırıq. Ona görə də bu məsələyə baxmalıyıq və bu, qanunvericilikdə öz əksini tapmalıdır.
Burada Təhsil haqqında qanunla bağlı fikirlər səsləndi. Bu qanun Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən daxil olmalıdır. Ona görə ki, bu çox əhəmiyyətli və ictimaiyyəti narahat edən qanundur. Əgər bu qanun layihəsi Milli Məclisə cənab Prezident tərəfindən daxil olmasa, ayrı-ayrı aidiyyəti strukturlar tərəfindən bu qanun layihəsinə müdaxilələr ediləcək və bu, cəmiyyətin deyil, ayrı-ayrı rektorların, yaxud bu sahə ilə məşğul olan adamların qanunu kimi qəbul olunacaqdır. Qanunun ictimai-siyasi çəkisinə və mahiyyətinə görə bu belə olmalıdır.
Bayaq Ziyafət müəllim bir neçə irad söylədi, amma Pənah Hüseyn burada yox idi. İndi özü gəldi, ona görə mən o iradları davam etdirmək istəyirəm. Milli Məclis çox demokratik əsaslarla idarə olunur. Bu, təyinatlı orqan deyil, seçkili orqandır. Hərdən görürsən ki, Pənah Hüseyn MSK ilə Milli Məclisi səhv salır. MSK ilə bağlı qanunda yazılıb ki, katiblərdən biri müxalifətdən, o birisi bitərəflərdən, üçüncüsü iqtidar partiyasından olmalıdır. Milli Məclisdə vəzifələr seçkilidir. Sədr, Sədr müavini, komissiya sədrləri təqdim olunur. Burada yazılmayıb ki, bu, müxalifət və yaxud bitərəf nümayəndə olmalıdır. Nəyə əsasən? Burada səsvermədir, hər bir deputatın səsvermə hüququ var və səsvermə ilə də seçir. İndi kiminsə könlünə kreslo eşqi düşüb. Oqtay müəllim, müavinlər ezamiyyətə gedən zaman stol boş olanda Pənah müəllimi dəvət edin, gəlib orada otursun, zalı seyr etsin və görsün ki, burada vəziyyət necədir. Məsələyə bu cür yanaşmaq səhvdir.
Fraksiya məsələsi elə bir məsələdir ki, əvvəlcədən Daxili Nizamnamə ilə müəyyənləşdirilibdir. Əgər yaxşı ideya varsa, hamı müdafiə edir. Hər bir deputatın qanunvericilik təşəbbüsü var. Əgər bu təşəbbüs varsa, 10 adamın bir yerə yığışıb qanunvericilik təşəbbüsü ilə çıxış etməsi nəyi dəyişə bilər? Əgər qanunvericilik təşəbbüsü yaxşıdırsa, bütün insanların ürəyincədirsə, komissiyada hamı onu təsdiq edəcək və parlamentə gələndə səs verəcəklər.
Bir məsələyə də xüsusi diqqət yetirmək istəyirəm. Səhv etmirəmsə, bu gün Amerika Birləşmiş Ştatlarının səfiri Milli Məclisdə iştirak edib. O da bizim müxalifətçilər kimi yarım saat iclasda oldu, sonra zalı tərk etdi, qanunvericilik təşəbbüsü ilə bağlı bəzi çıxışları dinləmədi. Bununla əlaqədar mənim bir neçə fikrim vardı. Ancaq səfir artıq burada olmadığına görə deməyəcəyəm. Amma bir məsələyə xüsusi toxunmaq istəyirəm.
Burada Naxçıvan Muxtar Respublikası ilə əlaqədar bir sıra məsələlər qaldırıldı. Naxçıvan Muxtar Respublikası blokada şəraitində olsa da, orada ciddi şəkildə abadlıq işləri gedir. Dünyanın müxtəlif ölkələrindən gələn adamlar, ayrı-ayrı diplomatik nümayəndələr bunu görürlər, bu barədə mətbuatda da çıxış edirlər. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanda abadlıq və quruculuq işləri gedir. 2 nəfər qanunu pozub, kimliyindən asılı olmayaraq onlar haqqında ölçü götürülüb. Səfirlikdən ora nümayəndə göndərirlər.
Bizim 1 milyon qaçqınımız var. 15 ildə bir dəfə qaçqınların yanına bir nəfər nümayəndə göndərməyiblər. Onlar yaşamaq, təhsil hüququnu itiriblər. Bu onları maraqlandırmır. Blokada şəraitində olan Naxçıvanda qanunu pozan 2 nəfər məsuliyyətə cəlb olunub. Bu guya bütün ictimaiyyəti lərzəyə gətiribdir. İctimaiyyət narazı deyil. Kimliyindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Hansı partiyanın üzvü olmasından, hansı qəzetin jurnalisti olmasından asılı olmayaraq qanunu pozursa, qanunvericiliyin əleyhinə çıxırsa, lazımi addımlar atılır və məsuliyyətə cəlb olunur. Bu yaxınlarda internet saytlarında Naxçıvan haqqında məsələ verilmişdi. Onlar deyirlər ki, Dağlıq Qarabağ məsələsinin 80 faizini həll etmişik, indi Naxçıvan məsələsinə keçməliyik. Belə bir həssas məqamda biz Naxçıvanı mətbuatda və başqa yerlərdə qurdalamağa başlamışıq. Naxçıvana bu gün kömək etmək, diqqət göstərmək lazımdır. Bizim orada yaşayan vətəndaşlarımıza həmrəy olmaq lazımdır. O şaxtada, ancaq təyyarə reysi ilə gedib-gəlmək mümkün olan bir vəziyyətdə bu tərəfdən ora nümayəndə göndərilir ki, 2 dələduz tutulub. Bunlar nəyə görə tutulub? Bu məsələlərə diqqətlə yanaşmalıyıq.
Ümumilikdə, qanunvericilik təşəbbüsü ilə verilən bütün qanunlara dəstək verirəm. “Siyasi partiyalar haqqında” Qanunla bağlı deyildi, mən də onun tərəfdarıyam. Bəzən deyirlər ki, guya Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı ancaq müxalifət təkliflər verir. Bizim Seçki Məcəlləsi ilə əlaqədar onlarca təklifimiz var. Birinci təklifimiz seçki müddətlərinin azaldılmasıdır. Polşada 2 ay ərzində prezident də seçilir, parlament də. Bugün-sabah Avropa Birliyinə üzv olacaq NATO dövlətidir. Biz 4 ay ərzində bələdiyyə seçkisi keçiririk. Bir kənddən 3 nəfər seçiləcək, bunlar da 2 ay təbliğat aparmalıdırlar. Kəndin də 150 nəfər əhalisi var. “Reklam haqqında” Qanunla siyasi reklam eyniləşdirilib. Seçki vaxtı parlament üzvü reklam olmaq istəyir. Televiziya “Reklam haqqında” Qanunu qoyur onun qabağına, deyir ki, hər dəqiqəyə filan qədər pul verməlisən. Bizə ayrılan büdcə də 10 televiziya çıxışına bərabər etmir. Çoxlu sayda təkliflərimiz var, bunların hamısı Seçki Məcəlləsində öz əksini tapmalıdır.
Müəyyən faiz səs toplayan şəxslər dövlət tərəfindən ona çəkilmiş xərci dövlət büdcəsinə ödəməlidirlər. Bunun heç birini ödəmirlər. Biz onların cinayət məsuliyyətinə cəlb olunma məsələsini ortaya qoymalıyıq.
Bir sıra təkliflər var. Söhbət müxalifətin hansısa əcaib təkliflərindən getmir. Seçki Məcəlləsinin işlək olması üçün praktiki təkliflərdən söhbət gedir və biz bu təklifləri irəli sürməyə hazırıq. Biz Venesiya Komissiyasına Yeni Azərbaycan Partiyası adından öz layihəmizi təklif etmişik. Gələcəkdə də bu məsələyə baxacağıq. Mən deputat həmkarlarımı təklif olunan layihəyə səs verməyə çağırıram. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, qərar layihəsi qədərincə müzakirə olundu. Xahiş edirəm, gündəliyin birinci məsələsinin qəbul olunmasına münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Saat 4-ə kimi tənəffüs elan edilir.
(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, əyləşin. Gündəliyin ikinci məsələsi “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması barədə” 1992-ci il 13 mart tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması barədə” 1992-ci il 13 mart tarixli Sazişin iştirakçı dövlətlərinin hökumətləri razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə sazişə bir sıra dəyişikliklər və əlavələr etmişlər. Bu dəyişikliklər və əlavələr sınaq və ölçmə laboratoriyalarının akkreditasiyası sahəsində razılaşdırılmış siyasətin aparılmasının zəruriliyindən irəli gəlir. Həmçinin azad ticarət zonasının yaradılması zamanı birliyin iştirakçısı olan dövlətlərin ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığında texniki maneələrin aradan qaldırılmasına yardım edəcək ümumi normativ texniki və metroloji təminatın qorunması və gələcək inkişafı üçün şəraitin yaradılması, Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Müstəqil Dövlətlər Birliyinin İcraiyə Komitəsi ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsi kimi məsələlər də bu dəyişikliklər və əlavələrdə öz əksini tapmışdır. Saziş İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmişdir. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da müzakirə olunub. Çingiz Əsədullayev.
Ç. Əsədullayev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Fürsətdən istifadə edərək payız sessiyasının başlanması münasibəti ilə hamınıza uğurlar arzu etmək istəyərdim. İnanıram ki, sessiya ərzində qəbul olunacaq qanunlar, sazişlər və normativ hüquqi aktlar dövlətimizin möhkəmlənməsinə və vətəndaşlarımızın hüquqlarının qorunmasına xidmət edəcəkdir. Bildiyiniz kimi, bu gün qanunların icrasına nəzarəti həyata keçirən prokurorluq orqanının işçilərinin peşə bayramıdır. Bu münasibətlə bütün prokurorluq sisteminin əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm, onlara bu məsuliyyətli və şərəfli işdə uğurlar arzulayıram. Ziyad müəllimin çıxışına onu əlavə etmək istəyərdim ki, bu məsələyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında baxılıb və yekdilliklə qəbul edilib. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirik ki, standart maraqlı tərəflərin əksəriyyətinin razılıqları əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat tərəfindən təsdiq edilən kütləvi istehsal üçün nəzərdə tutulmuş məhsulların, müəyyən xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. Standartlaşdırma elmi-texniki və iqtisadi tərəqqinin sürətlənməsinə təsir edən möhtəşəm vasitədir. Standartlaşdırma üzrə qaydalar standartlaşma, metrologiya, sertifikatlaşdırma, lisenziyalaşdırma və texniki reqlamentlərin məcburi tələblərinə riayət edilməsinə xidmət edir. Bu, dövlət və dövlətlərarası nəzarət üzrə işlərin təşkili və idarə edilməsi məsələlərinin həllində vacib şərtlərdən biridir.
Qayda və tələblər konkret istehsal prosesləri və onların elementləri üçün işlənib hazırlanır. Dövlət standartları məhsula və xidmətlərə bir sıra mühüm tələblər qoyur. Bu tələblər ilk növbədə məhsulun və xidmətlərin insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsiz olmasına yönəldilir. Odur ki, malların keyfiyyətinə dövlət nəzarəti zəruridir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu iş yüksək səviyyədə təşkil edilir və geniş miqyasda həyata keçirilir.
Ən aktual problemlərdən biri də müəssisələr tərəfindən buraxılan əmtəə malları haqqında operativ informasiyaların toplanması, emalı və alıcılara çatdırılmasıdır. Bu məsələni həll etmək üçün də elektron-hesablayıcı maşınların köməyi ilə məhsul haqqında məlumatlar bankı yaradılmalıdır. Xarici iqtisadi əlaqələrin durmadan genişləndiyi hazırkı dövrdə məhsulun və xidmətlərin sertifikatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici bazara çıxarılan və ölkəyə daxil edilən məhsullar insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün heç bir təhlükə yaratmamalıdır. Bu təhlükəsizliyi təmin etmək, məhsulun rəqabət qabiliyyətini yüksəltmək, bununla da istehsalın rentabelliyini və səmərəliyini təmin etmək məqsədi ilə məhsul sertifikatlaşdırılmalıdır.
Sertifikatlaşdırma prosesi zamanı sınaqlar üçün nümunələrin seçilməsi, müfəttiş nəzarətinin aparılması elə işlənib hazırlanmalıdır ki, görülən işlərin dəqiqliyi və düzgünlüyü təmin edilsin. Sertifikatlaşdırmanın keyfiyyəti, əsasən, bu işlə məşğul olan orqanların fəaliyyətindən, onların yüksək səriştəliyindən və müstəqilliyindən asılıdır. Bu qayda və tələblərin gözlənilməsi inkişaf etmiş ölkələrin əksəriyyətində qanunla tənzimlənir. Məsələn, Almaniyada 1990-cı ildən Keyfiyyətsiz məhsul istehsalına görə məsuliyyət haqqında qanun fəaliyyət göstərir. Bu qanun Avropa ölkələrinin iqtisadi qanunvericiliyinə uyğunlaşdırılmışdır və vahid bazar çərçivəsində sertifikatlaşdırma üçün qanunverici baza təşkil edir. ABŞ-da müxtəlif növ məhsulların təhlükəsizliyi üzrə bir çox qanunlar vardır.
MDB-də sertifikatlaşdırma üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd 1992-ci ildə imzalanmış sazişdir. Bu sazişdə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması nəzərdə tutulmuşdur. 2000-ci il iyunun 20-də Moskva səhərində imzalanmış Protokola Azərbaycan Respublikasının xüsusi rəyi əlavə edilmişdir ki, bu da dövlətimizin iqtisadi inkişafı, dünyanın qabaqcıl ölkələrinə inteqrasiyası üçün zəmin yaradır. Ona görə də bu sənədin təsdiq edilməsi vacibdir və mən onun lehinə səs verəcəyəm.
Bununla yanaşı, istərdim ki, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət sayəsində Azərbaycan Respublikasının ümumi inkişaf tempini nəzərə alaraq və yaranmış hüquqi bazadan istifadə edərək Nazirlər Kabinetinin aidiyyəti strukturları metroloji laboratoriyaların şəbəkəsini genişləndirməyə, onları ən müasir cihaz və avadanlıqla təchiz etməyə, bu sahədə kadr hazırlığına, beynəlxalq metrologiya, standartlaşdırma və sertifikatlaşdırma təşkilatları ilə əlaqələri genişləndirməyə, onların strukturlarında təmsil olunmağa, fiziki kəmiyyətlərin vahidini təmin edən ölçmə vasitələri və texniki sənədlərin hazırlanması mərkəzlərinin yaradılmasına, müəssisələrdə nəzarətin təşkili prinsiplərini həyata keçirməyə yaxında köməklik göstərsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.11 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Hörmətli millət vəkilləri, gündəlikdəki məsələlərin əksəriyyəti sazişlər, bəyannamələrdir. Mən istəyərdim ki, bir az operativ işləyək. Gündəliyin 3-cü məsələsi “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin açıq elmi-texniki informasiyaya sərbəst çıxışı və mübadilə qaydasına dair” Sazişin təsdiq edilməsi haqqındadır. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və  təhsil məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 1998-ci il sentyabrın 11-də Moskva şəhərində imzalanmış bu saziş təsdiq edilmək üçün ölkə Prezidenti tərəfindən Milli Məclisə göndərilmişdir. Bəri başdan deyim ki, həmin sənəd komissiyada geniş müzakirə olunub və yekdilliklə təsdiq olunmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Bu sazişin əsas məqsədi nədir? Birinci növbədə, bu saziş MDB məkanına daxil olan ölkələr üçün vahid informasiya məkanının yaradılmasını, informasiyaya çıxışın sadələşdirilməsini və asanlaşdırılmasını, vətəndaşlığından asılı olmayaraq geniş informasiya resurslarının istifadəçiləri üçün ən əlverişli şəraitin yaradılmasını, informasiya mübadiləsinin stimullaşdırılmasını və digər bu kimi vəzifələri əsas məqsəd kimi qarşıya qoyur.
Əsas informasiya resursları dedikdə bu sənəddə 3 qrup informasiya nəzərdə tutulur. Birinci növbədə, 1991-ci ilə qədər keçmiş SSRİ məkanında formalaşan informasiyalardan söhbət gedir. Bu da olduqca vacibdir. İkinci qrup informasiyalar müstəqillik dövründə bu birliyə daxil olan ölkələrdə formalaşdırılmış, yaradılmış informasiyalara çıxışdır. Üçüncü isə bu ölkələrin birgə yaratdığı, formalaşdırdığı informasiyalara çıxışın təmin olunmasıdır. Birliyə daxil olan ölkələr bu sazişin yerinə yetirilməsi ilə bağlı konkret öhdəliklər götürüblər. O cümlədən də Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Onları nəzərinizə çatdırmaq istəyirəm: İstifadəçilərə açıq elmi-texniki informasiyaya çıxışı təmin etmək, elmi-texniki informasiyaya sərbəst çıxış prinsiplərinin həyata keçirilməsi üçün şərait yaratmaq, informasiya resursları, informasiya sistemlərinin uçotunu aparmaq və onları nəşr etdirmək, elektron kataloqlar və elmi-texniki informasiyaların ünvanlı sorğu-məlumat bazasının formalaşmasını təmin etmək, dövlətlərarası informasiya mübadiləsini həvəsləndirmək və sair.
Hörmətli millət vəkilləri, Azərbaycan müəyyən şərtlərlə sazişə imza atıb. Ermənistanla münasibətlərdə həmin öhdəliklər heç bir hüquqi qüvvəyə malik deyil. Yəni Azərbaycan bura xüsusi şərtlə imza atıb. Hesab edirəm ki, bu, olduqca vacib sənəddir, geniş informasiya resurslarına çıxış üçün çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də mən xahiş edirəm ki, qanun layihəsinin təsdiq olunmasına səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sazişə əlavələr olacaq? Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Aydındır ki, bu bəyannamə qəbul olunubdur və biz buna səs verib, təsdiq edirik. Amma məni maraqlandıran müəyyən məsələlər var ki, bunların da bir neçəsini Şəmsəddin müəllim sadaladı. Tutaq ki, Rusiya bizdən bu informasiyanı alır və Ermənistana ötürür. Ola bilər ki, belə olsun. Bunun məhdudiyyəti varmı? Təbii ki, biz bunu Ermənistanla birtərəfli formada imzalayırıq.
İkinci tərəfdən, aydındır ki, MDB çərçivəsində bizim keçmiş əlaqələrimiz var. Bu gün MDB ölkələrində belə bir informasiya mübadiləsinin olmasına elə bir zərurət varmı? Bunun Avropa ölkələri ilə bağlanılması və onlarla informasiya mübadiləsinin aparılması daha məqsədəuyğun olar, nəinki Qırğızıstanla və ya Özbəkistanla. Ümumilikdə, mən hesab edirəm ki, bu, vacib sənəddir. Ona görə də bir neçə şərti olmalıdır. Bu gün həmin müqavilənin iştirakçısı Rusiyada Azərbaycanın əleyhinə müxtəlif ədəbiyyatlar çap olunur, informasiyalar verilir. Rəsmi dövlət orqanlarında Azərbaycanın regionları və orada yaşayan xalqlar haqqında məqsədəuyğun olmayan materiallar çap olunur. Bunların qarşısının alınması hansı səviyyədə olacaqdır? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Birincisi, Siyavuş müəllim, Rusiya və digər MDB ölkələri təkcə Asiyada yerləşmir, yarısı Avropadır. İkincisi də, belə bir saziş olarsa, o dediyin ədəbiyyatın çapından, yəqin ki, daha tez xəbər tutacaqlar. Şəmsəddin müəllim, buyurun.
Ş. Hacıyev. Əvvəla, o səpkidə olan informasiyalar internet səhifələrində yerləşdirilir və ona sərbəst çıxış da var. Burada söhbət, əsasən, elmi-texniki informasiyaların mübadiləsindən, ora sərbəst çıxışdan gedir. Ona görə də mənə belə gəlir ki, bu Sazişə səs vermək mümkündür.
Sədrlik edən. Xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
 Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “GUAM: Qitələri birləşdirərək” Bakı Bəyannaməsinin təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM–Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın 2-ci Zirvə Toplantısında imzalanmış “GUAM: Qitələri birləşdirərək Bakı Bəyannaməsi təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. Adı gedən bəyannamə komissiyamızda ətraflı müzakirə olunaraq yekdilliklə qəbul olunmuşdur. Bildiyiniz kimi, son 3 ay ərzində GUAM tam hüquqlu beynəlxalq regional təşkilata çevrilmişdir. Bakı Bəyannaməsində mədəni, humanitar, iqtisadi, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Həmçinin sənəddə iqtisadi və ticari inkişafa əngəl törədən maneələrin aradan qaldırılması, infrastrukturun inkişafı, nəqliyyat təhlükəsizliyinin təmini qeyd olunur, terrorizmə və cinayətin digər təhlükəli növlərinə qarşı birgə mübarizədə əməkdaşlığın vacibliyi vurğulanır. Hesab edirəm ki, Bakı Bəyannaməsi regionun iqtisadi inkişafına və sabitliyin qorunmasına xidmət edəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu sənədə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 86
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın imtiyazları və immunitetləri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev buyursun.
Ç. Əsədullayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın 2-ci Zirvə Toplantısında imzalanmış “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın imtiyazları və immunitetləri haqqında” Saziş təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur. Saziş təşkilatın bir sıra immunitet və imtiyazlardan istifadə etməsini nəzərdə tutur. Bildiyiniz kimi, GUAM artıq ciddi beynəlxalq təşkilata çevrilmişdir və onun immunitet və imtiyazlardan istifadə etməsi təşkilatın tam maraqlarına cavab verir. Komissiyamız sazişin beynəlxalq hüquq normalarına və Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasının tələblərinə uyğun olduğunu yekdilliklə təsdiq etmişdir. Hesab edirəm, bu sazişin təsdiq olunması GUAM təşkilatının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə, buyurun.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Mən GUAM-la bağlı bütün sazişlərin çox önəmli olduğunu qeyd edirəm və hörmətli millət vəkillərini bu sənədlərə səs verməyə çağırıram. Mən istərdim, parlamentə bilavasitə aidiyyəti olan bir məsələni diqqətinizə çatdırım. Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatında GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı məsələ qaldırılıb və gözləyirik ki, bu istiqamətdə ciddi müzakirələr olacaq. Biz istərdik ki, Azərbaycan parlamenti təmsil olunduğu və yaxud müşahidəçi qismində iştirak etdiyi beynəlxalq təşkilatlarda GUAM-la, GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı məsələləri birgə qaldırmağa çalışsın. Bu, ilk növbədə Avropa Şurası və ATƏT-in Parlament Assambleyasına aiddir. Eyni zamanda, NATO Parlament Assambleyasında MDB-də və Azərbaycanın fəal iştirak elədiyi digər bu kimi təşkilatlarda millət vəkilləri və nümayəndə heyətləri münaqişələri bu şəkildə diqqət mərkəzinə gətirə bilsələr, müvafiq sənədlərin qəbul olunmasına nail olsalar, bu, münaqişələrin həllinə beynəlxalq qüvvələrin iştirakını cəlb edə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, biz gözləyirik ki, Ukraynada seçkilər başa çatsın. Rəhbərlik Azərbaycana keçdiyi üçün oktyabr ayının axırlarında GUAM-ın Parlament Assambleyasının növbəti toplantısı Bakıda keçiriləcək. Biz bu məsələlərə diqqətimizi artıracağıq. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsini münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələr (saat 16.24 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzvü olan dövlətlərin hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada GUAM təşkilatının böyük gələcəyi olduğu barədə deyildi və GUAM-a daxil olan ölkələr arasında iqtisadi-sosial həyatın bir sıra istiqamətlərində mühüm sazişlər imzalanır. Təqdim olunan saziş də bu məqsədi daşıyır. Həmin sənəd İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmişdir. Millət vəkillərindən xahiş olunur ki, bu sənədə öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, cari il may ayının 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkonın Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdu. Səfər zamanı dövlətlərimiz arasında olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir sıra mühüm sazişlər imzalanmışdır. Hazırda bu sazişlər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur.
Müqavilənin dövlətlərimiz arasında olan münasibətlərin daha da inkişaf etdirilməsinə imkan yaratdığını vurğulamaq istərdim. Belə ki, müqavilədə iqtisadi və nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın inkişafı, rabitə, fundamental və tətbiqi elmlər sahəsində səmərəli əməkdaşlıq, təhsil və mədəniyyət sahəsində münasibətlərin inkişaf etdirilməsi və sair bu kimi mühüm məsələlər öz əksini tapmışdır. Ümumiyyətlə, müqavilədə Azərbaycan ilə Belarus arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istəyi vurğulanır. Müqavilə komissiyamızda ətraflı müzakirə olunmuş və yekdilliklə lehinə səs verilmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu müqaviləyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.27 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, Azərbaycan dünyaya inteqrasiya edir. İnteqrasiya proseslərinin ən vacib tərəflərindən biri də əmək miqrasiyası prosesləridir. Burada, əlbəttə, çox ciddi məsələlər ortaya çıxır. Odur ki, Azərbaycan hökuməti vaxtaşırı əmək münasibətləri ilə bağlı sazişlərin imzalanmasında maraqlıdır.
Bu sazişin əsas məqsədlərindən biri Azərbaycandan olan əmək emiqrantlarının Belarusda hüquq və mənafelərinin qorunmasıdır. Eyni zamanda, bu sazişdə Belarusdan olan əmək miqrantlarının da Azərbaycanda hüquq və mənafelərinin qorunması məsələləri qoyulur.
Bütövlükdə saziş sosial müdafiə xarakteri daşıyır. Burada əmək fəaliyyəti ilə bağlı məsələlər miqrantın çalışdığı ölkənin qanunları ilə tənzim olunur. Qarşılıqlı tərəf də həmin öhdəlikləri öz üzərinə götürür. Burada maraqlı məsələlərdən biri də odur ki, əmək pensiyası sənədləşdirilərkən tərəf ölkənin ərazisində işləyən vətəndaşlara hesablanan müddət öz ölkəsində də hesablanır. Bu, ən vacib məsələlərdən biridir, çünki insanlar çox vaxt pensiya məsələlərinin həllində böyük çətinliklərlə rastlaşırlar. Ona görə də bu məsələlər əmək münasibətlərinin tənzimlənməsində çox əhəmiyyətli rol oynayır. Hesab edirəm ki, bu, sosial müdafiə xarakterli sazişdir. Bu sazişin təsdiq olunmasına səs vermənizi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.29 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu Saziş də Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə paketinin tərkib hissəsi olduğuna görə qısaca məlumat vermək istəyirəm. Bu hər iki respublika arasında dostluq əlaqələrini möhkəmləndirmək və qarşılıqlı səmərəli əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə məxfi informasiya təşkil edən məlumatların qarşılıqlı mühafizəsi haqqında sazişdir. Hesab edirəm ki, saziş qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında“ Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Eldar Quliyev.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş 2007-ci il may ayının 2-də Bakı şəhərində imzalanmışdır. Tərəflər öz dövlətlərinin ərazisində Beynəlxalq epizootik büronun siyahısına daxil edilən yoluxucu heyvan xəstəliklərinin baş verməsi, yayılması, ləğv edilməsi barəsində həmin büro tərəfindən müəyyən edilmiş müddətə və vasitələrlə bir-birinə müntəzəm surətdə məlumat verməlidirlər. Məlumatda mütləq xəstəlik baş vermiş regionlar, xəstə heyvanın növü, sayı, xəstəliyin ləğvi və məhdudlaşdırılması, infeksiyanın yayılma səbəbləri və ehtimal edilən yoluxma yolları göstərilməlidir. Tərəflər baytarlıq sahəsində ikitərəfli əməkdaşlıqda baytarlıq fəaliyyəti ilə əlaqədar olan normativ sənədlərin və xüsusi nəşrlərin qarşılıqlı mübadiləsini, qarşılıqlı maraqlardan irəli gələn problemlərin öyrənilməsi və tədqiq edilməsi ilə məşğul olan elmi institutlar, diaqnostik və analitik laboratoriyalar arasında əməkdaşlığı, heyvan xəstəliklərinin müşahidəsi, nəzarət edilməsi və qarşısının alınması sahəsində ikitərəfli texniki yardımın və ekspertizanın genişləndirilməsini, heyvanların yoluxucu xəstəliklərinə qarşı mübarizə tədbirləri və profilaktikasına dair məlumatların mübadiləsini, baytarlıq xidmətinin təşkilində və fəaliyyətində ikitərəfli anlaşma və etimadı gücləndirmək məqsədi ilə milli baytarlıq ekspertləri ilə mübadiləni, tərəf dövlətlərin ərazisində istehsal edilən baytarlıq preparatları ilə ticarət mübadiləsini, habelə birgə istehsal və ticarət təşkilatının yaradılmasını öz öhdəliklərinə götürürlər.
Bu saziş 5 il müddətinə bağlanır. Qeyd etmək lazımdır ki, bu sazişin səmərəli fəaliyyəti üçün Azərbaycanda qanunvericilik bazası yaradılmışdır. Nəzərinizə çatdırıram kı, 2005-ci ildə bizim komissiyanın deputatlarının təşəbbüsü ilə Milli Məclisdə “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Aqrar siyasət daimi komissiyası bu sazişin qəbul edilməsini məqsədəuyğun hesab edir və sizdən bu sənədə səs verməyi xahiş edir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında“ Sazişin təsdiq edilməsi barədədir. Eldar Quliyev, buyurun.
E. Quliyev. Çox sağ olun, cənab Sədr. Nəzərinizə çatdırmaq istəyirəm ki, ölkə Prezidenti tərəfindən Konstitusiyamızın 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq 2007-ci il may ayının 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur.
Tərəflər bitki karantini və mühafizəsi sahəsində səmərəli əməkdaşlıq etmək məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsini öz öhdəliklərinə götürürlər: karantin nəzarətində olan bitkiçilik məhsullarının idxalı, ixracı zamanı karantin zərərverici orqanizmlərin bir tərəfin dövlətinin ərazisindən o biri tərəfin dövlətinin ərazisinə kecirilməsinin qarşısını alan lazımi tədbirlərin görülməsini; Azərbaycan Respublikasının və Belarus Respublikasının ərazilərində bitki karantini və mühafizəsi tədbirlərini tənzimləyən qayda və əsasnamələrin mübadiləsini; dövlətlərin ərazilərində karantin və digər xüsusi təhlükəli zərərverici orqanizmlərin peyda olması və yayılması barədə informasiya mübadiləsini; bitki karantini və mühafizəsi sahəsində elmi tədqiqat işləri barədə informasiya mübadiləsini; karantin nəzarətində olan bitkiçilik məhsullarının istehsalı və tədarükü yerlərində seçmə yolu ilə karantin yoxlamasının təşkil edilməsini, bitki karantini və mühafizəsi məsələlərinin operativ həlli, eləcə də bitki karantini və mühafizəsi sahəsində elmi nailiyyətləri və təcrübəni öyrənmək məqsədi ilə mütəxəssislərin ezam edilməsini; bitki karantini və mühafizəsi tədbirlərinin keçirilməsində karantinin zərərverici orqanizmlərin aşkar edilməsində, lokallaşdırılmasında və ləğv edilməsində, zərərsizləşdirilməsində və digər tədbirlərin aparılmasında qarşılıqlı elmi-texniki və digər köməkliklərin göstərilməsini; fövqəladə hallarda birgə təcili tədbirləri görmək məqsədi ilə tərəflərdən birinin xahişi ilə bitki karantini və mühafizəsi üzrə mütəxəssislərdən ibarət ekspedisiyanın ezam olunmasını.
Bu saziş 5 il müddətinə bağlanıb. Onu da qeyd etmək istəyirəm ki, bu sazişin səmərəli fəaliyyəti üçün Azərbaycanda qanunvericilik bazası yaradılmışdır. 2006-cı ildə Aqrar siyasət daimi komissiyasının deputatlarının təşəbbüsü ilə “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Aqrar siyasət daimi komissiyası bu sazişin Milli Məclis tərəfindən təsdiq olunmasını məqsədəuyğun hesab edir və sizdən bu qanun layihəsinə səs verməyi xahiş edir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.37 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  91
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası və Koreya Respublikası arasında Birgə Bəyanatın təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq 2007-ci il aprelin 23-də Seul şəhərində imzalanmış Azərbaycan Respublikası və Koreya Respublikası arasında Birgə Bəyanat təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur. Bildiyiniz kimi, Koreya Respublikasının Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 23–25 aprel tarixində Koreya Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikası və Koreya Respublikası arasında Birgə Bəyanat qəbul olunmuşdur. Birgə Bəyanatda ikitərəfli münasibətlərin, iqtisadi-elmi və texnoloji əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Bəyanatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə diqqət yetirərək, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Məlum olduğu kimi, bu üç prinsip münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müəyyən edir. Cənubi Koreya kimi bir dövlətlə bu səviyyədə əlaqələrin qurulması, təbii ki, Azərbaycanın milli maraqlarına tam uyğundur. Ona görə komissiyamız bu bəyanatın Milli Məclisin müzakirəsinə verilməsini yekdilliklə tövsiyə etmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin üzvü hörmətli Çingiz müəllim ətraflı məlumat verdi. Azərbaycan–Koreya münasibətləri çox dinamik inkişaf edir, irimiqyaslı layihələr həyata keçirilir. Sərmayələrin təşviqi və qorunması haqqında təqdim olunan saziş iqtisadi münasibətlərin daha da təkmilləşdirilməsinə xidmət edir. Məlumdur ki, Milli Məclisdə biz dəfələrlə bu xarakterli sazişləri təsdiq etmişik. Eyni struktura malik olan sazişdir. İqtisadi siyasət daimi komissiyası xahiş edir ki, bu sazişə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş bu sənəddə hər iki ölkə arasında hava əlaqələri nəqliyyatının daha da təkmilləşdirilməsinə xidmət edən məsələlər əks etdirilmişdir. Dəyişikliyin əsas məqsədi iki ölkə arasında mülki aviasiya sahəsindəki əlaqələri möhkəmləndirmək və hər iki ölkənin aviasiya şirkətlərinə reyslərin müntəzəm yerinə yetirilməsi məqsədi ilə əlavə hüquqlar verməkdir. Bu protokol hava nəqliyyatı haqqında sazişin ayrılmaz hissəsidir və imzalandığı andan qüvvəyə minir. İqtisadi siyasət daimi komissiyası xahiş edir ki, bu sənədə də müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.43 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  92
Nəticə: qəbul edildi


Sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələnin müzakirəsinə keçirik. Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli. Azərbaycan beynəlxalq aləmə inteqrasiyası idman sahəsində də geniş vüsət almışdır. Bu sənəd Misir Ərəb Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanıb. Həm tədqiqatların aparılması, həm də idmançı qrupların mübadiləsi məsələsi bu sazişlə tənzimlənir. Hesab edirəm ki, bu çox əhəmiyyətli sənədlərdən biridir. Bu sazişin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.44 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Protokola əsasən qeyd edilən sazişin “Marşrutların cədvəli” üzrə əlavəsində dəyişiklik etmək və yeni redaksiyada təqdim etmək barədə tərəflər razılığa gəlmişlər. Sənəddə Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının təyin edilmiş aviaşirkətləri tərəfindən hər iki istiqamətdə istismar olunacaq marşrutlar göstərilmişdir. Bu protokol Hava nəqliyyatı haqqında Sazişin ayrılmaz hissəsidir və imzalandığı andan qüvvəyə minir. İqtisadi siyasət daimi komissiyası xahiş edir ki, bu sənədə də müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.45 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  90
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqındadır. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, bildiyimiz kimi, Azərbaycanın sosial-iqtisadi prioritetlərindən biri ölkədə turizmin inkişaf etdirilməsidir. Bu sahə əmək tutumlu yeni iş yerlərinin yaradılmasında çox mühüm rol oynayır. Bu saziş iki ölkə – Misir və Azərbaycan arasında anlaşma memorandumu şəklində imzalanmışdır. Hesab edirəm ki, burada turizm sahəsində əməkdaşlığın əsas sahələri təsbit olunmuşdur və bu sənədə səs verməyə borcluyuq. Bu, Azərbaycan xalqının mənafeyinə xidmət edən sənədlərdən biridir. Xahiş edirəm, səs verin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.47 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  86
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında diplomatik, rəsmi, xidməti və xüsusi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, ölkələr arasında dostluq münasibətlərinin real inkişafı baxımından vizasız gediş-gəliş mühüm yer tutur. Bu, artıq konkret bir addımdır. Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında imzalanan sənədlər arasında da bu var. Burada məqsəd iki dövlət arasında həm dostluq, həm də iqtisadi və diplomatik münasibətləri inkişaf etdirməkdən ibarətdir. Diplomatik, rəsmi, xidməti və xüsusi pasportlara malik olan şəxslər 90 gün ərzində vizasız həmin ölkəyə daxil ola bilərlər və tranzit qaydada həmin ərazidən keçə bilərlər. Hesab edirəm ki, belə bir sazişin imzalanması iki dövlət arasında münasibətlərin hərtərəfli inkişafına öz töhfəsini verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova nə isə əlavə etmək istəyir. Buyurun.
E.Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, çox maraqlı bir məsələdir. Bu saziş məndə sual doğurur. Vizasız gedib-gəlmək maraqlı və təqdirəlayiq bir məsələdir. Amma mənə maraqlıdır ki, nəyə görə biz məhz Mərakeş Krallığı ilə vizasız gediş-gəliş haqqında sənədlərə qol çəkirik. Mərakeş Krallığı ilə bizim intensiv siyasi, mədəni, iqtisadi əlaqələrimiz, yoxsa başqa bir məsələ var? Əli müəllimdən soruşmaq istəyirəm ki, biz MDB dövlətindən başqa hansı dövlətlə belə bir saziş bağlamışıq?
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Mən hansı ölkələrlə bu cür sazişlərimiz var, hamısını sadalaya bilmərəm, amma Elmira xanıma qısa zaman çərçivəsində bunları təqdim edə bilərik. Hər halda onu bilirəm ki, son bir il ərzində mən ən azı 5 ölkə ilə bağlı bu cür məruzələr etmişəm. Dostluq qrupunun rəhbəri olduğum Bolqarıstan və MDB ölkələri ilə belə bir problem yoxdur. Amma son dövrdə cənab Prezidentin səfərlərindən sonra xüsusi olaraq bu cür sazişlər imzalanır. Bunlar iqtisadi, diplomatik münasibətlərin, turizm əlaqələrinin inkişafını reallaşdıran sazişlərdir. Bu, əhəmiyyətlidir. Belə sazişlərin imzalanması gələcəkdə ölkələr arasında münasibətlərin inkişafı üçün real zəmin yaradır. Bu baxımdan bu saziş çox vacibdir.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.50 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  93
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkələr arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişlərin mövcud olması həmin ölkələrin həm xarici, həm də daxili iqtisadi münasibətlərinin inkişafına müsbət təsir göstərən amillərdən biridir. Bu saziş Azərbaycan Respublikası və İsrail Dövləti Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması üçün yeni imkanlar açır.
Bilirsiniz ki, Azərbaycan – İsrail münasibətləri bütün sahələrdə uğurla inkişaf etdirilir. Belə bir sazişin təsdiqi, şübhəsiz ki, həmin münasibətlərin daha da inkişafına və təkmilləşməsinə kömək edəcəkdir. Millət vəkillərindən xahiş olunur ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.52 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  87
Nəticə: qəbul edildi


Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə, xüsusi ilə də iqtisadi sahədə əməkdaşlıq inkişaf etdirilir. Saziş Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında beynəlxalq sərnişin və yükdaşımalarının iqtisadi və hüquqi tənzimlənməsinə xidmət edəcək. Bütövlükdə saziş müşayiət olunmayan sərnişin və yükdaşımaları, bu cür daşımaların dəstəklənməsi və stimullaşdırılması, fövqəladə hallar zamanı necə hərəkət etməli və digər bu kimi məsələləri əhatə etməklə 16 maddədən ibarətdir. Belə bir sənədin Milli Məclis tərəfindən qəbulu gələcəkdə hər iki dövlət arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir. Milliət vəkillərindən xahiş edirəm ki, bu məsələyə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.54 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  89
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterrorizm Mərkəzi haqqında” Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsinə dair” Qərarın təsdiq edilməsi barədədir. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu əsasnaməyə 2006-cı il noyabrın 28-də Minsk şəhərində dəyişikliklər edilibdir. Antiterrorizm Mərkəzi haqqında Əsasnaməyə dəyişikliklərin əsas mahiyyəti maliyyə vəsaitləri ilə bağlıdır. Bu sənəd sizə paylanılıb. Amma Azərbaycan bu sənədə də qeyd-şərtlə qoşulub və Azərbaycan bu məsələləri illik payın üçdə biri həcmində maliyyələşdirəcəkdir. MDB məkanında bəlkə də ən dinamik fəaliyyət göstərən işçi orqanlarından biri olmasına baxmayaraq, Azərbaycan öz payına düşən hissənin yalnız üçdə birini maliyyələşdirəcəkdir. Hesab edirəm ki, qalan məsələlər Azərbaycanın milli maraqlarına cavab verir və bu sənədə səs vermək olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.56 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında iqtisadi, siyasi münasibətlər uğurla inkişaf etdirilir. Bu istiqamətdə Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında bir neçə saziş imzalanmışdır. Bu sazişlərdən biri də Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqındadır. Hesab edirəm ki, bu sazişin təsdiqi Azərbaycan ilə Macarıstan arasında iqtisadi münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.57 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəlikdə duran növbəti məsələ “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədədir. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, bu gün Ümumdünya Ahıllar günüdür. Ahılların sosial müdafiəsi Azərbaycanda da çox yüksək səviyyədə aparılır. Hamımızın bildiyi kimi, bu gün dərman vasitələrindən istifadə edənlərin böyük hissəsi ahıllardır. Ahılların sosial müdafiəsi müvafiq qanunlarımızla çox ciddi surətdə qorunur.
Ən narahat məsələlərdən biri o idi ki, Azərbaycanda dərman vasitələri ilə bağlı əvvəlki qanunlarımızda bir az liberal mövqe mövcud idi. Ona görə də Azərbaycana külli miqdarda yoxlanılmayan, keyfiyyətsiz dərman daxil olurdu. Mən deputat həmkarlarımıza minnətdaram ki, qəbul etdiyimiz qanunda imperativ norma qəbul etdik və o norma ilə Azərbaycana qeydiyyatdan keçməyən dərmanların idxalı qadağan olundu. Eyni zamanda, həmin adamlar üçün çox ciddi cəza tədbirləri müəyyənləşdirildi.
Son vaxtlar bununla əlaqədar Səhiyyə Nazirliyində ciddi işlər aparılır. Böyük laboratoriya yaradılıb, dərmanlar qeydiyyatdan keçirilir, imkan daxilində onların keyfiyyəti yoxlanılır. Bu gün Azərbaycana daxil olan 7 min dərmandan mininin dediyimiz qeydiyyatdan keçirilməsi imkanı yaranmışdır. Qalan dərmanlar da bu gün mütəmadi olaraq qeydiyyatdan keçir. Səhiyyə Nazirliyi ilə birgə araşdırmalarımız onu göstərdi ki, biz bu müddəti martın 1-nə qədər uzatsaq, qalan dərmanlar da qeydiyyatdan keçirilə bilər. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, bu layihəyə səs versinlər. Çünki bu layihə ümumi işimizin xeyrinədir və dediyimiz kimi, daha keyfiyyətli dərman vasitələrinin Azərbaycana daxil olmasına xidmət edir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Çox ciddi bir məsələ müzakirə olunur. Doğrudan da, bu gün Azərbaycanda saxta dərmanlar vasitəsi ilə insanların kütləvi halda zəhərlənməsi prosesi gedir. Səhiyyə Nazirliyinin verdiyi məlumata əsaslansaq, bu gün apteklərdə 2 min addan artıq saxta dərman preparatı satılır. Ona görə də qanunun sərtliyi və onun daha da ciddi şəkildə tətbiq olunması vacib elementlərdən biridir.
Mən hesab edirəm ki, biz indi xırda dəyişikliklər və əlavələr edirik. Bu məsələyə kompleks şəkildə yanaşılmalıdır. Keçən dəfə səhiyyə sistemi ilə əlaqədar qanun layihəsini, o cümlədən də dərman preparatlarını müzakirə edəndə deputat həmkarlarımız söylədilər ki, bu gün döyüş bölgələrində saxta dərmanlardan ölənlərin sayı daha çoxdur. Ona görə də mən hesab edirəm ki, bu, ciddi məsələdir. Bunu dəyişiklik şəklində yox, kompleks bir qanun kimi tətbiq etmək lazımdır. Çünki dərmanları Hindistandan, 3-cü dərəcəli ölkələrdən gətirirlər. Ola bilər ki, onların qeydiyyatı da var. Halbuki Avropada Sloveniya, Macarıstan və sair kimi ölkələr var ki, dərman istehsalı sahəsində qabaqcıl yerləri tuturlar. Amma bunlar dərman vasitələrini bu ölkələrdən yox, Hindistandan, Malayziyadan gətirirlər. Polşadan saxta yolla istehsal olunmuş dərmanları gətirib satırlar və bunun nəticəsində də istehlakçıların hüquqları pozulur. Bu günə qədər bir nəfər də olsun, hüququ pozulmuş istehlakçıya dəymiş ziyan ödənilməyib.
Hesab edirəm ki, zəhərlənməyə görə bu apteklərin sahibləri məhkəməyə verilsə, cərimələnsə, onlar bir daha bu yola getməzlər. Ona görə də gəlin, bu qanun layihəsinə səs verək, amma Sosial siyasət daimi komissiyası bunun qarşısının alınmasından ötrü ciddi bir qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyafət müəllim düzgün dedi, bu problem təkcə Azərbaycan Respublikasında deyil, bütün Avropada mövcuddur. Avropada satılan dərman vasitələrinin 30 faizi saxtadır. Bu hər yerdə var, bununla ciddi mübarizə aparılmalıdır. Aqil Abbasov.
A. Abbasov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, parlamentimizə yeni iş ilində uğurlar arzulayıram. Yadımdadır, Siyavuş müəllim bir dəfə də bu məsələni qaldırmışdı. Azərbaycandakı otları yığıb xaricə aparırlar, sonra da dərman düzəldib özümüzə satırlar. Yaxşı olar ki, elə bunu özümüz istehsal edək.
Mən bir faktı qeyd etmək istəyirəm. Avropa ölkələrində, xüsusən də Polşada biləndə ki, sən parlamentin üzvüsən, təklif edirlər ki, “su qiymətinə” yaxşı dərmanlar var. Nədir məsələ? Həmin dərmanlara təzədən möhür vurublar ki, vaxtı keçməyib. Deyirlər ki, buyur, apar, Azərbaycanda çox ucuz qiymətə sat. Təkcə bizdə yox, elə Avropanın özündə də bu var. Ona görə də mən çox istəyərdim ki, bu məsələ ilə bağlı daha ciddi bir mexanizm hazırlansın. Hətta dərmanın üstünə yazılıb ki, müəyyən vaxta qədər etibarlıdır. Onun etibarlı olduğunu bilmək üçün isə bizim laboratoriyalarımız bunu ciddi şəkildə yoxlamalıdırlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 17.04 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununa əlavə edilməsi barədədir. Əli Hüseynov.
Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bizim komissiya tərəfindən təqdim olunmuş bu qanun layihəsi bundan öncəki məsələnin məntiqi davamıdır. Bilirsiniz ki, bu məsələ millət vəkilləri tərəfindən bir neçə dəfə qaldırılmışdır. Komissiyanın üzvü Rafael müəllim tərəfindən qanunvericilik təşəbbüsü ilə qanun layihəsi parlamentə təqdim olunub və qəbul edilib. Cənab Prezident tərəfindən də qanunun qüvvəyə minməsi ilə bağlı fərman imzalanıb.
Amma bir məsələni qeyd etmək istəyirəm. Dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı və idxalına görə bilirsiniz ki, biz artıq cinayət və inzibati məsuliyyət müəyyən etmişik. Bu məsələ müəyyən bir zaman çərçivəsi tələb edir. Buna görə də Səhiyyə Nazirliyi müraciət edib ki, qanunun bu hissəsi ilə bağlı müəyyən bir müddət verilsin. Ona görə də bizim təklif etdiyimiz dəyişiklik bu problemin həllinə yönəlib və təklif olunur ki, bu müddəalar 2008-ci il mart ayının 1-dən qüvvəyə minsin. Qanunun işləməsi baxımından bu çox vacibdir. Ona görə də xahiş edirəm ki, bu qanun layihəsinə səs verəsiniz.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 17.07 dəq.)
Lehinə  89
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  90
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul olundu.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsinə keçirik. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, bu bir texniki düzəlişdir. Məsələ burasındadır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 7.2-ci maddəsində belə bir müddəa öz əksini tapmışdı ki, bu qanunda göstərilən siyahılar, o cümlədən dövlət proqramı qanunla təsdiq olunur. Amma cənab Prezidentin fərmanı ilə bu proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Ona görə də biz texniki düzəliş etməyə borcluyuq. Hesab edirəm ki, qanunvericiliyin təsdiq olunması baxımından bu vacibdir və buna səs vermək lazımdır.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 17.08 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Layihə deputat həmkarlarımıza paylanıb, arayış da təqdim olunubdur. Bu dəyişikliklər və əlavələr 3 hissəyə bölünür. Bizim əvvəlki qanunumuzda “16 yaşınadək əlil” sözləri var idi. Bu, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilir. Çünki BMT-nin konvensiyalarında uşaq yaşı 18 yaşadək göstərildiyindən bu belə təsbit olunur.
İkinci məsələ radiasiya ilə bağlıdır. Müvafiq maddədən “qəzanın ləğvində iştirak etmiş” sözləri çıxarılır. Çünki onsuz da məlumdur ki, bu xəstəliyə tutulan adamlar orada iştirak etmiş adamlardır.
Üçüncü məsələ aylıq müavinətlərin verilməsi müddəti ilə bağlıdır. Əvvəlki variantda aylıq müavinətlər onu almaq hüququ yaranan gündən təyin edilirdi. Ona görə də burada problemlər yaranırdı. Çünki Mülki Məcəllədə belə iddiaların müddəti 3 ildir. Ona görə də bu müddət 3 ilə uyğunlaşdırılıb. 3 il əvvəl müavinət almaq hüququ yaranırsa, o vaxtdan ala bilərlər. Təxminən belədir. Burada texniki düzəliş də var. Bütövlükdə mahiyyət budur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Bu, vacib qanun layihəsidir. Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi sosial yönümlü olduğundan sosial sahəyə daha çox fikir verilir. Amma bununla yanaşı, mən 2 məsələyə münasibətimi bildirmək istəyirəm. Bunun məsələyə birbaşa aidiyyəti olmasa da, təklifdir. Ümumilikdə götürəndə sosial müavinətlərin verilməsi sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Çünki hazırda imkansız ailələrə verilən sosial müavinətlərdə nöqsanlar ortaya çıxır. Bunu aradan qaldırmaq üçün hesab edirəm, komissiya ciddi şəkildə işləməlidir. Bunu təkcə bir nazirliyin sərəncamına, fərmanına əsasən qurmaq olmaz. Vətəndaş bunu almaq üçün 50 sənəd toplamalıdır, nə bilim, qeydiyyatdan keçməlidir. Kənddə hamı bilir ki, bu adam kasıbdır. Bunu sübut eləməyə hansı əsas lazımdır? Yəni onun heç avtobus pulu da yoxdur ki, gedib rayon mərkəzindən arayış alsın. Biz bunu vadar edirik ki, 100 manatı almaqdan ötrü 50 qapı döysün. Onun elə 2 ayı yollarda keçir. Ona görə də bunu nisbətən sadələşdirmək lazımdır. Məsələyə şəhər mühitində bir cür, kənd mühitində başqa cür yanaşmaq gərəkdir.
İkinci məsələ. Bu günlərdə Ukraynada parlament seçkiləri keçirildi. Mən seçkilərdə iştirak etdim. Ukraynada bütün partiyaların seçkiqabağı platformalarının ən əsas məsələsi uşaq pulları ilə bağlı idi. Yəni 1 uşağa 30 min, 2 uşağa isə 50 min qrivna verilir. Təxminən 25 min dollar. Rusiyada isə bu rəqəm təxminən 250 min rubl təşkil edir. Azərbaycanda isə biz bunu tamamilə ləğv etmişik və Allahın ümidinə buraxmışıq. Bu həmişə olubdur. Bu gün Azərbaycanın imkanlarından istifadə etməliyik, bunun üçün bizim potensialımız var. Mən hesab edirəm ki, Hadi müəllim, biz o uşaq pulları məsələsinə qayıtmalıyıq. Rusiyada əhalinin sayını artırmaqdan ötrü bu addımı atırlar. Azərbaycanda da indi orta ailə 3 nəfərdən ibarətdir. Vaxtı ilə 7–8 nəfər idi. Biz 10 il qabağa baxmalıyıq, bugünkü hesabla götürməməliyik. Bu say 5 ildən sonra 2, 10 ildən sonra 1 nəfər olacaq. Ona görə də bu işi stimullaşdırmaq və bununla əlaqədar qanun qəbul etmək lazımdır. Mən hesab edirəm ki, növbəti iclaslarımızda bu məsələyə ciddi şəkildə toxunmalıyıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, vaxtı ilə bu qanun qəbul olunanda Siz də iştirak etmisiniz, mən də. Sosial müavinətlər də nəzərə alınmışdı, uşaq pulları ləğv olunanda onlar keçirildi. Yəni o pullar vətəndaşlara eyni səviyyədə çatdırılır. Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun. Mənim bu qanunun texniki tərəfi ilə əlaqədar Hadi müəllimə sualım var. Bu “əlil” anlayışı, sadəcə, bir anlayış deyildir. Əlilliyin dərəcələri var. Ona görə də bu bir hüquqi termindir. Müavinətin təyin olunması, yoxlanılması, komissiyalar tərəfindən onun ləğvi və ya saxlanılması kimi məsələlər var. Bizim qanunvericiliyə yeni bir “sağlamlıq imkanları məhdud” anlayışı gəlir ki, bu da çox ciddi çətinliklər yaradacaqdır. Mənə elə gəlir ki, bu anlayış dolaşıqlıq yaradacaq. Mən “əlil” termininin saxlanmasını başa düşülmək baxımından daha məqsədəuyğun hesab edirəm. Buna Hadi müəllim bir aydınlıq gətirsin.
Sonra, Siyavuş müəllimin toxunduğu məsələ ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Həqiqətən, mən də bu qanunun qəbulunda iştirak etməmişəm. Hesab edirəm ki, ümumiyyətlə, qanunun konsepsiyası doğru deyildir. Buna yenidən baxmaq, yeni bir qanun layihəsi işləyib hazırlamaq lazım gələcəkdir. Xüsusən elə məsələlər var ki, onların hamısı burada birləşib. Bilirsiniz ki, Konstitusiyada ailə və uşağın qorunması dövlətin əsas vəzifələrindən biri hesab edilir. Bu, sadəcə, bir sosial təminat məsələsi deyildir. Bu, cəmiyyətin yaşamının əsaslarına aid olan çox ciddi sosial-siyasi bir məsələdir. Dünyanın, demək olar ki, bir çox ölkələrində bu məsələyə dair ayrıca bir qanunun mövcud olması, heç şübhəsiz, təkcə müavinətlə bağlı olmayıb, cəmiyyətin siyasi əsasları ilə bağlıdır, dövlət və vətəndaş münasibətlərini tənzimləyən əhəmiyyətli bir məsələdir. Ona görə də belə bir qanunu qəbul etmək lazım gələcəkdir.
Əlavə etmək istəyirəm ki, söhbət təkcə birdəfəlik təminatlardan getmir. Bunlar bizdə də nəzərdə tutulubdur, amma çox təəssüflər olsun ki, o da “aztəminatlı ailələr” anlayışı ilə bağlanıbdır. Bu da doğru deyildir. “Aztəminatlı ailə” anlayışı bir bəladır ki, hələ də Hadi müəllimin komissiyası bu məsələyə aydınlıq gətirə bilmir. Baxmayaraq ki, sadələşdirmə apardılar və sənədlərin sayı bir qədər azaldıldı. Tamamilə subyektiv bir mülahizədir, korrupsiya və rüşvət mənbəyidir və sözün doğrusu, biabırçı bir vəziyyətdir.
Mənim əlavəm odur ki, xüsusi bir qanun olmalıdır. Orta və ali təhsil davam etdirilənə qədər uşaqlara müavinət verilməsi artıq vaxtı çatmış bir məsələdir. Dövlətin maliyyə imkanları buna cavab verir. Mənə elə gəlir ki, o ünvanlı sosial yardım məsələsinə bir də yenidən baxmaq, onsuz da dövlətin külli miqdarda xərclənən pullarını toplayıb bu məsələyə yönəltmək lazım gələcəkdir. Mənim tərəfimdən müvafiq qanun layihəsi hazırlanmışdır. Bu barədə mən əvvəlki çıxışımda da dedim, onu yaxın günlərdə təqdim etmək istəyirəm. Hörmətli millət vəkillərinə, o cümlədən iqtidardan olan deputatlara da müraciət edirəm ki, bu, mühüm bir məsələdir, bunun kiminsə adı ilə yox, bütövlükdə Milli Məclisin adı ilə bağlanması daha yaxşı olardı. Mən istəyərdim, komissiyaya belə bir məsələ tapşırılsın. Bu məsələ müvafiq maliyyə orqanları ilə öyrənilsin və həqiqətən, millətimiz, dövlətimiz üçün olduqca vacib olan əməli bir addım atılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, buyurun, suallara cavab verin.
H. Rəcəbli. Çox sağ olun. Mən də Siyavuş müəllimin səsləndirdiyi fikirlə razıyam, monitorinqə ehtiyac var. Büdcənin imkanları artır, sosial müdafiə, maliyyə dəstəyi də çoxalır. Buna baxmayaraq, biz burada ünvanlılığı təmin etməliyik. Mən elə bilirəm ki, bəzi hallarda düşməyən adama müavinət verilir. Başqa bir halda isə kiməsə müvinət qismən az düşür. Mən istəmirəm, bunu açıqlayam, çünki bu çox böyük məsələdir. Biz gələcəkdə bu tipli qanunların monitorinqini apararıq.
Burada bəzi fikirlər səsləndi. Biz bütövlükdə qanunlarımızı uyğunlaşdırmışıq. “Sağlamlıq imkanları məhdud olan” anlayışı ilə bağlı burada fikirlər səslənir. Mən hesab edirəm ki, bu daha realdır. Uşağa “əlil” deməkdənsə, bu cür demək daha düz olar.
Mən fürsətdən istifadə edib demək istəyirəm ki, gələcək büdcədə yenə də böyük sosial elementlər var. Bayaq Əli Məsimov həddin qaldırılması məsələsinə toxundu. Möhtərəm Prezidentimizin tapşırığı ilə o məsələyə də baxılır. Mən həmkarlarıma müraciət edirəm ki, sosial müdafiə tipli qanunların monitorinqində bizə kömək etsinlər və biz o layihəni hazırlayaq. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Debata ehtiyac yoxdur. Sual verdiniz, cavab verdik. Buyurun.
P. Hüseyn. Mən başa düşmədim. Mən məsələnin texniki tərəfini qeyd etdim. Məsələn, əlilliyin dərəcələri var. İndi Hadi müəllim desin ki, “sağlamlıq imkanları məhdud”luqda bu necə nəzərə alınır? Yaxud bu, ümumi bir məsələ olacaqsa, komissiyalar bunu necə müəyyən edirlər? Bu barədə müəyyən göstəricilər müəyyən olunub, müddətlər var. Hadi müəllim ümumi şəkildə dedi ki, başqa qanunlarda bu şəkildə gedib. Onlar hansı qanunlardır?
Sədrlik edən. Buyurun, Hadi müəllim.
H. Rəcəbli. Belə bir qanun bizdə olub. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə bağlı belə bir qanun var. O qanunda bu cür gedib. Digər qanunlarda da elə gedib. Bütövlükdə “əlillik” məfhumu başqa cürdür. Burada isə sağlamlıq imkanları məhdud olan uşaqlardan söhbət gedir.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri  (saat 17.23 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  2
Səs vermədi  0
İştirak edir  88
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi bir çox mövcud qanunlara edilən düzəlişdir. Düzəlişin mahiyyəti isə çox konkretdir. Bilirsiniz ki, vaxtı ilə biz “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul etmişdik. Qanunda ixtisaslaşmış orqan funksiyasını Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirirdi. Cənab Prezident tərəfindən təklif olunur ki, bu, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası adlandırılsın. Məsələnin mahiyyəti budur.
Amma bu ad bir çox qanunlarda, o cümlədən “Dövlət qulluğu haqqında” Qanunda bu cür getdiyinə görə o qanunlara da düzəliş etmək təklif olunur. Amma mahiyyət ondan ibarətdir ki, komissiyanın adı dəyişdirilib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xatırlayırsınızsa, biz bu qanunu qəbul edəndə mən demişdim ki, bu komissiya ya müstəqil olmalıdır, ya da Azərbaycan Respublikası Prezidentinin yanında təşkil olunmalıdır. Amma çox təəssüf ki, o zaman bizim bu təkliflərimiz nəzərə alınmadı. Üstündən bir neçə il keçəndən sonra biz yenidən bu məsələyə qayıdırıq və bu dəfə bunu müstəqil bir qurum kimi yaradırıq. Mən təklif edirəm ki, biz bu məsələdə tələsməyək. Ümumiyyətlə, bu qanuna yenidən baxmaq lazımdır.
Biz bu qanunu ona görə qəbul etdik ki, cəmiyyətimizin qarşısında korrupsiya problemi durur. Korrupsiyada da, adətən, vəzifəli şəxslərin öz qulluq mövqelərindən sui-istifadə etməsindən söhbət gedir. Bizim korrupsiya komissiyasının üzvləri isə dövlət qulluğunda olan şəxslərdir. Bu şəxslərin bir çoxunun elə vəzifəsi korrupsiyaya qarşı mübarizə aparmaqdır. Amma korrupsiya bir çox hallarda məhz dövlət qulluğunda, məhkəmə sistemində və digər hüquq mühafizə orqanları sistemindədir. Bu şəxslər özlərini ifşa etməyəcəklər, bu strukturlarda olan qanun pozuntularına qarşı mübarizə aparmayacaqlar. Onsuz da hər bir rəhbər şəxs rəhbərlik etdiyi sahədə mövcud problemləri aradan qaldırmalıdır.
Konstitusiyada açıq qeyd olunur ki, elmi və pedaqoji fəaliyyət istisna olmaqla millət vəkili heç bir seçkili və təyinatlı vəzifə tuta bilməz. Amma Konstitusiyanın bu müddəasına zidd olaraq millət vəkilləri həmin komissiyaya üzv təyin olunublar. Ona görə də biz bu qanuna mütləq yenidən baxmalıyıq. Prezidentin təşəbbüsünü, bu komissiyanın müstəqil olmasını alqışlayıram. Amma komissiya üzvlərinin də müstəqillik məsələsi gündəliyə gəlməlidir və komissiyanın üzvləri başqa təyinatlı və seçkili vəzifə tutmamalıdırlar. Onlar tamamilə müstəqil şəxslər olmalıdırlar ki, bu sahədə yüksək irəliləyişlərə nail ola bilək. Mən o baxımdan təklif edirəm ki, mümkündürsə, bu məsələnin müzakirəsini saxlayaq və bu qanuna, ümumiyyətlə, yenidən baxaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Qüdrət müəllim, mən nəzərinizə çatdırım ki, dünyanın bir çox parlamentlərində korrupsiyaya qarşı xüsusi parlament qrupları var. Konstitusiyada belə bir müddəa yoxdur. Gələcəkdə bu haqda danışacağıq. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 17.28 dəq.)
Lehinə  80
Əleyhinə  2
Bitərəf  1
Səs vermədi  3
İştirak edir  86
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlarım, İnzibati Xətalar Məcəlləsinə edilən əlavə inzibati xətalar haqqında işlərin aidiyyəti, daha dəqiq desəm, rayon məhkəmələrinin baxdığı işlərin aidiyyəti məsələsidir. Biz qanunvericiliyimizdə İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə etmişik. 52-1.1-ci maddə əmək pensiyası haqqında qanunvericiliyin pozulmasıdır. Biz bu dəyişiklikləri 2007-ci ilin 17 aprel və 6 may tarixlərində etmişik. Yəni İnzibati Xətalar Məcəlləsinə iki maddə əlavə olunmuşdur. Bu cür inzibati hüquqpozmaların baxılması aidiyyətini indi müəyyən etməliyik. Cənab Prezidentin təqdim etdiyi əlavə də məhz bundan ibarətdir. Bu cür işlərə rayon məhkəmələri tərəfindən baxılması müəyyənləşdirilir. Bu, qanunvericiliyin dəqiqləşdirilməsinə xidmət edir və qəbul olunmalıdır.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 17.30 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisə daxil olmuş sənəddə İnzibati Xətalar Məcəlləsinin 2 maddəsinə əlavələr nəzərdə tutulur. Bunlar 331-ci və 332-ci maddələrdir. 331-ci maddə “Şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsi və ya qəsdən korlanması”dır. Biz “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında” Əsasnaməni ötən il qəbul etdik. Bununla əlaqədar olaraq həm maddənin adında, həm də məzmununda bu dəyişikliklər edilir. “Şəxsiyyət vəsiqəsinin, pasportun” sözlərindən sonra və ya “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsi və ya qəsdən korlanması” sözləri əlavə edilmişdir.
332-ci maddəyə də “şəxsiyyət vəsiqəsinin və ya pasportunun verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının pozulması” sözləri əlavə edilir. Bu, olduqca vacib bir sənəddir. Çünki bu dəyişiklik İnzibati Xətalar Məcəlləsində olan müddəaları daha da təkmilləşdirir, mükəmməl edir və insanların hüquqlarının qorunmasına xidmət edir. Həmkarlarımdan xahiş edirəm ki, bu əlavələrə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova, buyurun.
E. Axundova. Çox gözəl əlavələrdir, mütləq ona səs verəcəyik. Doğrudan da, bizə siqnallar çatır ki, bizim vətəndaşlarımız bəzi hallarda incidilir. Ona görə də bu, vətəndaşların hüquqlarının müdafiəsinə yönələn bir düzəlişdir. Amma fikir verin, 332.1-ci maddədə anlaşılmazlıq var. Onu oxuyun. Orada “subyekt” yazılmayıb. 332.2-ci maddədə subyekt var, vəzifəli şəxslər şərti maliyyə vahidi ilə cərimə edilir. Amma 332.1-ci maddədə minimum əmək haqqı məbləği ilə cərimə edilir. Kim cərimə edilir? Orada subyekt yoxdur. Ora nə isə əlavə etmək lazımdır. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 17.34 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  87
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədədir. Aqrar siyasət daimi komissiyası sədrinin müavini Eldar Quliyevə söz verilir.
E. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsini rəhbər tutaraq “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir. Qanun layihəsində “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin on beşinci abzasının yeni redaksiyada verilməsi, həmçinin 14-cü maddənin ikinci hissəsində və 26-cı maddənin üçüncü hissəsində dəyişikliklər edilməsi təklif olunur.
“Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri”ndən bəhs edən 13-cü maddənin on beşinci abzasının mətni dəyişdirilir və aşağıdakı redaksiyada verilir: “meliorasiya və irriqasiya sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək və baxılması üçün müvafiq dövlət orqanlarına göndərmək.” Komissiya təklif edir ki, bu dəyişikliyi etməklə bərabər, on beşinci abzasın on üçüncü, on üçüncü abzasın isə on beşinci abzas hesab edilməsi məqsədəuyğun olardı.
Qanunun 14-cü maddəsinin ikinci hissəsindən “meliorasiya və irriqasiya üzrə” sözləri çıxarılır. 26-cı maddənin üçüncü hissəsində “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, təbiəti mühafizə üzrə müvafiq icra hakimiyyəti orqanı, suların istifadəsi və mühafizəsinin, meşə təsərrüfatının, torpaq ehtiyatları və yerquruluşunun idarə edilməsi üzrə müvafiq icra hakimiyyəti orqanları ilə və digər əlaqədar orqanlarla razılaşdırılmaqla” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilir.
Qeyd olunan dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun edilir. Bu qanuna görə qaydaların müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Səhmdar cəmiyyətin isə qayda müəyyən etməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa, meliorasiya və irriqasiya sahəsində inzibati xətalar haqqında protokollara baxması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə ziddiyyət təşkil edir. Ona görə də “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında dəyişikliklərin edilməsi qanunauyğundur. Aqrar siyasət daimi komissiyası sizdən bu məsələyə müsbət rəy verməyinizi xahiş edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 17.37 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  87
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər birinizin yaxşı yadındadır ki, ötən il “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edərkən bu zalda nə qədər böyük bir canlanma var idi. O zaman hər birimiz bu qanunun Azərbaycan reallığı üçün vacibliyi haqqında danışdıq. Bu qanun qəbul edildikdən sonra bir sıra qanunlara əlavələr və dəyişikliklər edilmişdir. Bu, təqribən 11 qanuna edilən əlavə və dəyişiklikləri əhatə edir. Bunlardan biri “Siyasi partiyalar haqqında” Qanundur. Bu qanun bizim komissiyada müzakirə olunarkən bəzi müxalifət partiyalarının nümayəndələri buradakı bəzi məqamlara öz münasibətlərini bildirdilər və dedilər ki, bunu bura əlavə etməyə ehtiyac yoxdur. Çünki siyasi partiyalara daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıqdır və bu nə əlavədir? Biz də öz münasibətimizi bildirdik və dedik ki, müxalifət partiyalarında qadın liderlərin yeri çox azdır. Çox maraqlıdır ki, parlamentə gələn siyasi partiyalar qadınları, ümumiyyətlə, gətirmir, nədənsə bu adamlar qadınların imkanlarına çox şübhə ilə yanaşırlar. Ona görə də bunun “Siyasi partiyalar haqqında” Qanuna əlavə olunmasına böyük ehtiyac var idi. Bundan sonra müxalifətdə olan qadınlara münasibətdə onların özlərinin münasibətində də bir dəyişiklik olacaq.
Təhsil hüquqları haqqında, yəqin ki, digər komissiyaların sədrləri danışacaq. Ancaq mən hesab edirəm ki, bu haqda onsuz da Konstitusiyamızda müddəalar var. Amma buna baxmayaraq, yenə də bura əlavələr edilib. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaranmasını təmin edir. Bu, yalnız özəl məktəblər üçün nəzərdə tutulmuş bir məqamdır. Burada bir subyektiv meyil var. “Həmkarlar İttifaqı haqqında” Qanunda həmkarlar ittifaqına üzvlükdə ayrı-seçkilik qadağan edilir.
Cinayət Məcəlləsi ilə əlaqədar əlavə və dəyişikliklərə xüsusi toxunmaq istərdim. Yəqin ki, Əli müəllim bu barədə danışar. Biz həmişə hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması haqqında danışırıq. İndi bura təkcə qadınlar deyil, himayəsində azyaşlı uşağı olan kişilər də daxil edilir. 8 yaşına çatmayan uşağını təkbaşına böyüdən kişilər burada öz əksini tapıb. Bütün bunlar o deməkdir ki, doğrudan da, “Gender haqqında” Qanun gerçəkləşəcək, reallaşacaq. 11 qanuna edilən əlavə və dəyişikliklər həmin qanunun işlək mexanizmə malik olacağından xəbər verir. Mən hesab edirəm ki, hörmətli həmkarlarım bu əlavə və dəyişikliklərə səs verməklə gender bərabərliyinin təmin olunmasına xidmət göstərəcəklər. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, buyurun.
Ş. Hacıyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Rəbiyyət xanım qeyd etdi, qüvvədə olan Təhsil Qanununa bir maddənin əlavə olunmasını tövsiyə edirlər. Bu maddə haqqında sizə artıq məlumat verildi. Amma mən hesab edirəm ki, bu o qədər də məqsədəuyğun deyil, çünki burada yazılanların heç bir əsası yoxdur. Çünki kişi ilə qadınlar arasında bu hüquqlar təmin olunur.
Əgər Konstitusiyada təsdiq olunubsa, real işdə, yəni təhsil müəssisələrinin fəaliyyətində də heç bir ayrı-seçkiliyə yol verilmir. Birinci, təhsil müəssisələrində aparılan qəbuldan danışaq. Qızlar gimnaziyasından başqa, yerdə qalan bütün təhsil müəssisələrində ayrı-seçkilik söhbəti yoxdur. Hörmətli Rəbiyyət xanım tələbələrin təqaüdlə təmin olunmasını dedi. Nəzərinizə çatdırım ki, özəl təhsil müəssisələri yalnız yaxşı oxuyan tələbələrə istisna hal kimi təqaüd verir. Yerdə qalan tələbələrə təqaüd verilmir.
Tədris planının seçilməsində, biliyin qiymətləndirilməsində də ayrı-seçkiliyə yol verilmir. Əgər buna yol verilmirsə, belə bir ayrı-seçkilik yoxdursa, onda bu müddəanın mövcud qanuna daxil edilməsinə nə ehtiyac var? Yeni Təhsil haqqında qanun layihəsinin I fəslinin 5-ci maddəsinin ikinci bəndində bu barədə çox dəqiq yazılıb. Dövlət nəinki cinsindən, eyni zamanda, irqindən, milliyyətindən, sosial vəziyyətindən, siyasi əqidəsindən və sairdən asılı olmayaraq, bütün vətəndaşlara bərabər təhsil hüququ təmin edir. Bu qədər, sağ olun.
Sədrlik edən. Sağ olun. Aydındır. Şəmsəddin müəllim, bəs onda niyə komissiya bunu iclasa tövsiyə edib? Mən Sizi başa düşmədim. Siz bir tərəfdən bu dəyişikliklərin əleyhinəsiniz, digər tərəfdən komissiyanız tövsiyə edib ki, plenar iclasa çıxarılsın. İstəmirdiniz, komissiyada qərar verərdiniz. Rəbiyyət xanım əgər bu məsələni əsaslandırırsa, deməli, narahatçılıq üçün əsas var. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Minnətdaram. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun tətbiqi ilə bağlı 2 qanuna əlavə və dəyişikliklər edilir. Bunlar “Həmkarlar İttifaqı haqqında” Qanuna və Əmək Məcəlləsinə olan dəyişikliklərdir. “Həmkarlar İttifaqı haqqında” Qanuna edilən dəyişiklikdə yazılıb ki, həmkarlara üzv olunmaq üçün kişi ilə qadınlara eyni şərtlərlə bərabər imkanlar yaradılır. Əmək Məcəlləsinə isə 2 bənd əlavə olunub. Sizə paylanan arayışda göstərilir ki, birinci və ikinci hissəyə “f” və “q” bəndləri əlavə olunub. Mən bunları oxuyub vaxt almaq istəmirəm. İşdən azad olunarkən iş keyfiyyətləri əsas götürülür, kişi və qadınlara fərq qoyulmur. Əvvəllər qadınlara üstünlük verilirdi, işdə saxlayırdılar. Bu layihəyə səs vermək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun, Sizin komissiyada da bu məsələyə baxılıb.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Qanun layihəsinin adından da göründüyü kimi, bizim təqdim etdiyimiz əlavələr və dəyişikliklər “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun müddəalarının digər qanunvericilik aktlarına köçürülməsindən ibarətdir. Beləliklə də, biz qanunvericiliyimizi dəyişdiririk. Bu qanunun tətbiqində hüquqi anlaşılmazlıq olmasın deyə biz, sadəcə, bu müddəaları köçürürük. Bu müddəalar var və Prezident tərəfindən imzalanıb, qüvvədədir.
Bizim tərəfimizdən baxılan məsələlər Cinayət-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdir. Rəbiyyət xanım da bu barədə məlumat verdi, təşəkkür edirəm. Həqiqətən, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda insan hüquqları baxımından çox mühüm müddəalar var. Onlardan biri 8 yaşına çatmamış uşağı təkbaşına böyüdən kişilərlə bağlıdır. Bu, qanunda öz əksini tapdı. Əvvəllər təkcə hamilə və ya 8 yaşınadək uşaqları olan məhkum qadınlar barəsində cəzanın çəkilməsi təxirə salınırdısa, indi bu kateqoriyadan olan kişilər də bu sıradan olacaq. Yəni bu, insan hüquqlarının qorunması və üstəgəl gender bərabərliyi baxımından mühümdür. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun müddəalarının həm Cinayət-Prosessual Məcəlləsinə, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə köçürülməsi qanunvericiliyin dəqiqləşdirilməsinə xidmət edir. Ona görə hesab edirəm ki, bütün bu maddələr tərəfimizdən qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə keçirik. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gender bərabərliyinin təmin olunması, Azərbaycanda gender bərabərliyi ilə bağlı qanunvericiliyin zənginləşməsi baxımından cənab Prezident tərəfindən daxil olan bu qanun layihəsi xüsusi əhəmiyyətə malikdir. Gender bərabərliyi deyəndə qeyri-iradi olaraq hamının gözünün qabağına qadınların hüquqlarının kişilərin hüquqları ilə bərabərləşdirilməsi gəlir. Amma bəzi hallarda ola bilərdi ki, kişilərin hüquqları qadınların hüquqlarına bərabərləşdirilsin, daha doğrusu, artırılaraq bərabərləşdirilsin. Bu baxımdan qanunvericilikdə bir sıra ziddiyyətlər var idi və bu da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunla bir araya sığmırdı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə daxil olan dəyişiklikləri nəzərdə tutmaq istəyirəm. Cinayət Məcəlləsinin 53 və 79-cu maddələrinə əsasən şəxsiyyət əleyhinə ağır və xüsusi ilə ağır cinayət törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş qadınlar istisna olmaqla himayəsində 8 yaşına qədər uşağı olan qadınlar barəsində hökmün icrası təxirə salına bilirdi. Lakin kişilər bu imtiyazdan, bu güzəştdən istifadə edə bilmirdilər ki, bu da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunla bir araya sığmırdı. Həm də bu, işçilər arasında müəyyən anlaşılmazlıq törədirdi. Bu layihə ilə bu anlaşılmazlıq, uyğunsuzluq aradan qaldırılıb. Bundan sonra bu məsələlərdə himayəsində 8 yaşına qədər uşağı olan qadınların hüquqları, 8 yaşına qədər uşağı təkbaşına böyüdən kişilərin hüquqları ilə bərabər tutulacaq.
İnzibati Xətalar Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində də analoji qaydalar müəyyən olunmuşdur. Bundan sonra bu uyğunsuzluq da aradan qaldırılır. Necə güzəşt olursa olsun, belə güzəştdən istifadə etməyi Allah heç kimə, xüsusi ilə Azərbaycan qadınına qismət etməsin. Mən həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinin qəbuluna səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Sağ olun, Ziyafət müəllim. Mən, sözün doğrusu, çıxış etmək fikrində deyildim. Çünki hamıya aydındır ki, burada müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsi texniki xarakter daşıyır. Konstitusiyada var və olan şeyi bir daha təsbit etmək lazımdırsa, bunun xatirinə bəlkə də etmək olar. Bu bizim qanunvericiliyə heç bir yenilik gətirmir. Amma burada Rəbiyyət xanım bir məsələyə toxundu, mən ona cavab verməyə bilmərəm. Guya bu məsələnin müzakirəsi zamanı müxalifət nümayəndələri tərəfindən siyasi partiyalarda qadınların hüquq bərabərliyi əleyhinə fikir səsləndirilib. Üstəlik də bir qədər irəliyə gedərək işarə vurur ki, burada qadın liderlər yoxdur. Bu məsələdə müxalifət partiyalarını bir növ gender bərabərliyinin düşməni olmaqda günahlandırdı.
Mənim yadımdadır, bu məsələ müzakirə edilərkən mənim tərəfimdən misal gətirilmişdi ki, siyasi partiyaların tarixində Azərbaycanda ilk dəfə olaraq Müsavat Partiyası özünün nizamnaməsinə dəyişiklik edərək partiyanın rəhbər orqanlarında qadınların təmsilçiliyi ilə bağlı kvota müəyyən edib. Yəni minimal hədd müəyyən edilmişdi ki, partiyanın rəhbər orqanlarında ən azı 25 faiz qadın olmalıdır. Bu məsələni də həmin müzakirə zamanı nümunə gətirmişdim. Məsələdə bir anlaşılmazlıq olmamalıdır və bu yenilik Azərbaycan siyasi müxalifətinin ən iri nümayəndələrindən biri olan Müsavat Partiyasının adına yazılmışdı. Hələ də Yeni Azərbaycan Partiyasının nizamnaməsində belə bir müddəa yoxdur. Hörmətli Siyavuş müəllim çıxış edər və buna aydınlıq gətirər. Burada mübahisəli bir məsələ yoxdur. Sadəcə, heç nədən problem yaratmaq ənənəsinə son qoymaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah müəllim, Siz özünüz də təsdiq etdiniz ki, Rəbiyyət xanımın dediyində həqiqət var. Çünki “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna görə, ümumiyyətlə, kvota olmamalıdır, bu məsələ götürülməlidir. Siz 25 faizlə məhdudlaşdırısınız. O da deyir ki, məhdudlaşdırmayın. Kim nə qədər yer tutar, tutar. Siyavuş müəllim, buyurun.
S. Novruzov. Hörmətli Ziyafət müəllim, tamamilə düzgün buyurdunuz ki, əgər bir yerdə problem yoxdursa, onu qanuna salmağa nə ehtiyac var. Yeni Azərbaycan Partiyasında belə bir problem yoxdur. İstər siyasi şurada, istərsə də idarə heyətinin tərkibində qadınlar təmsil olunurlar. Mən başqa bir fikir söyləyə bilərəm. Son parlament seçkilərində bizim irəli sürülən namizədlərimizin 40 faizdən çoxu qadınlar idi. Seçmək hüququ xalqındır. Xalqa deyə bilmərik ki, bu qədər qadın seç, bu qədər kişi. Amma biz onların namizədliklərini irəli sürmüşdük. Əgər sizdə belə bir kvota mövcuddursa, deməli, qadınlara qarşı bərabərsizlik hökm sürür və onu aradan qaldırmaq üçün bu addım atılır.
İkinci tərəfdən, mən Sizin yadınıza bir məsələni sala bilərəm. 2000-ci ildə proporsional seçki sistemi ilə namizədlik irəli sürüləndə Müsavatın siyahısında cəmi bir qadın var idi: Flora Kərimova. Əlavə siyahıda da bir nəfər də olsun qadının adına rast gəlmək olmadı. Xalq Cəbhəsi Partiyasında və digər partiyalarda da vəziyyət belə idi. Həmin vaxt Yeni Azərbaycan Partiyasından 7 nəfər qadının namizədliyi irəli sürülmüşdü. Onlardan dördü proporsional qaydada parlamentə seçilmişdi. Bütün bu göstəricilər göstərir ki, bizdə bu problem yoxdur. Problem sizdədir və Rəbiyyət xanımın dediyində həqiqət var. O istəyir ki, bu ədalətsizliyi aradan qaldırsın, ədalət zəfər çalsın. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 17.55 dəq.)
Lehinə  85
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  86
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Bununla da bugünkü iclasımız sona çatır. Növbəti iclasın vaxtı haqqında sizə əlavə məlumat veriləcək. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU