23.10.2007 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  60

Mill Məclisin  iclas  salonu.
23  oktyabr  2007-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

A. Nağıyev, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini.
R. Hüseynli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin müdiri.
N. Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Ə. Musayev, Tibbi Reabilitasiya Elmi Tədqiqat İnstitutunun direktoru.
F. İsmayılov, “Kurort” Səhmdar Cəmiyyətinin vitse-prezidenti.
A. İsmiyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsinin rəisi.
H. Məmmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin müdiri.
S. Salmanov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı.
T. Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə.
2. Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
3. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
4. Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında.
5. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
6. Azərbaycan Respublikasının Şəki şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında.
7. Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
8. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
9. Təbii müalicə mənbələri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Şəki şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
9. Təbii müalicə mənbələri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

23  oktyabr  2007-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri!
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 84
Yetərsay 83

Çox sağ olun. Gündəliyimizdə qalan məsələlərin müzakirəsinə davam edirik. Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, biz bir qədər əvvəl qanun qəbul etdik. Müzakirələrdən sonra “Qırmızı Xaç” və “Qırmızı Aypara” sözləri “Qızıl Xaç” və “Qızıl Aypara” ilə əvəz olundu. Buna görə həm Cinayət, həm də İnzibati Xətalar Məcəlləsində qanuna müvafiq olaraq həmin sözlər dəyişdirilməlidir. Bu, qanunvericiliyimizdə texniki bir düzəlişdir və səs verib qəbul etmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 85
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Gündəliyin ikinci məsələsi Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Buna üç komissiyada baxılıbdır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Bilirsiniz ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsinə görə, vəzifəli şəxslər komissiya tərəfindən müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatlar təqdim etməlidirlər. Qanunun 9-cu maddəsində korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə səbəb olan hüquqpozmaları sadalanır. 10-cu maddədə qeyd olunur ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarına görə intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Sizə təqdim olunmuş dəyişikliklər və əlavələrin mahiyyəti intizam məsuliyyəti yaradan hüquqpozmaları ilə bağlıdır. Bunlara görə Milli Məclisin Daxili Nizamnaməsinə, “Bələdiyyə üzvünün statusu haqqında” Qanuna və Hesablama Palatasının Daxili Nizamnaməsinə dəyişikliklər və əlavələr edilir. 5-ci və 9-cu maddələrdə göstərilən intizam məsuliyyətinə səbəb olan hüquqpozmaları baş verərsə, hansısa inzibati və cinayət məsuliyyətindən söhbət gedə bilməz. Çünki intizam məsuliyyəti bunu özündə ehtiva edir.
Digər üç dəyişiklik “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə aiddir. Həmin sənədlərə “və dövlət qulluğunun digər prinsiplərinə” sözləri əlavə olunur. Bu da onunla bağlıdır ki, maliyyə xarakterli tələblərin yerinə yetirilməsi də dövlət qulluğu prinsiplərinə aiddir. Texniki dəyişiklikdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əslində, Əli müəllim regional məsələlərlə əlaqədar olan düzəlişləri də dedi. Müzakirə olunan layihədə “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun da adı vardır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və cinayət məsuliyyəti yaratmadıqda) bələdiyyə üzvünə töhmət verilir. Müddəa “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 14-cü və 15-ci maddələrində müvafiq düzəlişlərlə təmin olunur. Məsələyə komissiyamızda da baxılıbdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqtisadi siyasət daimi komissiyası sədrinin müavini Azər Əmiraslanov.
A. Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Müzakirə edilən qanun layihəsinə aidiyyəti üzrə İqtisadi siyasət daimi komissiyasında da baxılmışdır. Komissiya qanun layihəsinin plenar iclasa çıxarılmasını və qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Adı çəkilən strukturlarda olduğu kimi, Azərbaycan Respublikasının Hesablama Palatasında da onun üzvlərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələblərinə uyğun olaraq intizam məsuliyyəti daşıması qeyd olunur. Bu baxımdan Hesablama Palatasının Daxili Nizamnaməsinə müvafiq dəyişikliklər edilməsi tövsiyə olunur. Həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrdə iştirak etmək istəyən millət vəkilləri var? Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra qanunvericilik aktlarında, o cümlədən Milli Məclisin Daxili Nizamnaməsində dəyişikliklər və əlavələr etmək zəruridir. Birinci növbədə mən istəyirəm ki, stilistika ilə bağlı bir məsələdə düzəliş olunsun. 45-ci maddənin 6-cı bəndi kimi əlavə olunan bəndin sonunda mötərizədə “onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda” yazılıb. Ümumiyyətlə, qanun mötərizəni sevmir. O baxımdan mən təklif edirəm ki, həmin bəndin sonu belə olsun: “...9-cu maddəsində göstərilən, inzibati və ya cinayət məsuliyyəti yaratmayan hüquqpozmaları törətdikdə”. Qalan qanunlarda da bu forma eyni qaydada tətbiq olunsun. Yəni buradan mötərizə götürülsün və fikir daha dəqiq ifadə olunsun.
Mən onu da düşünürəm ki, Daxili Nizamnamədə bir çox maddələrə yenidən baxılmalıdır. Deputatın statusu, onun parlamentdaxili məsuliyyətinin əsasları ilə bağlı bir sıra insidentləri görmüşük. Bu Nizamnamədə ciddi boşluqlar olduğuna görə biz bəzi kritik vəziyyətlərdə məsələlərin həlli yolunu dərhal tapa bilmirik, tələsik başqa formalara üstünlük verməyə çalışırıq. Açığı, burada bir sıra bəndlər var ki, anlaşılmır. Məsələn, “Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə, Milli Məclisin və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə”. Bunlar çox mücərrəddir və parlamentin demokratik mahiyyətinə kölgə sala biləcək qərarlar çıxarmağa imkan verir. Bu ifadələrdə ciddi dəqiqləşdirmələr aparmaq lazımdır.
Digər tərəfdən bir iradımı da bildirmək istəyirəm. Burada belə bir bənd var: “Milli Məclisin və onun komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə”. Komissiyaların axır vaxtlardakı işini, yəqin ki, komissiya sədrləri özləri də müşahidə edirlər. İclasları keyfiyyətli aparmaq imkanları kifayət qədər məhdudlaşıb. Təbii ki, parlamentdə təmir gedir. Zallar çox gözəl təmir olunub, biz bunu alqışlayırıq. Amma komissiyaların iclaslarını dar otaqlarda keçirməsi çox vaxt millət vəkillərinin, ya da mətbuat nümayəndələrinin stul tapıb oturmalarına da imkan vermir. Biz komissiyanın işini yüksəltmək istəyiriksə, hesab edirəm ki, buna bir əlac tapılmalıdır. Haradasa həm işıqlandırma, həm də təbliğ olunma baxımından komissiya iclaslarının keçirilməsinə diqqət yetirmək vacibdir.
Başqa bir məsələyə də münasibət bildirmək istəyirəm. Biz deputatın uca adına xələl gətirən addımlar atmamağı düşünürük. Ötən sessiyada gördük, deputatlar pensiyaları ilə bağlı məsələni öz əlləri ilə çox sadə bir formada həll etdilər. Onlar əvvəllər nəzərdə tutulmuş 100 faizli şkaladan 80 faiz pensiya almaq imkanlarını məhdudlaşdırıb, onu pensiyalara dair qanuna bağladılar. Mən hesab edirəm ki, millət vəkilləri deputatın yüksək adını uca tutmaq məsələsinə də belə baxmalı, hüquqlarının öz əlləri ilə məhdudlaşdırılmasına yol verəcək addımlar atmaqdan çəkinməlidirlər. Çünki həqiqətən də, Milli Məclis ölkədə ən ali səlahiyyətə malik qanunverici orqandır. Biz öz əlimizlə öz hüquqlarımızı pozmamaq üçün gələcəkdə bu məsələlərə diqqət yetirməliyik. Mən bunu sizdən xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseynə söz verməmişdən qabaq mən bir fikrinizi dəqiqləşdirmək istəyirəm. Başa düşmədim, deyirsiniz ki, otaqlar darısqal olduğu üçün komissiyanın iclasları keyfiyyətsiz keçir? Təmir məsələsini, dedik ki, qurtardıq. Yeni bina tikilir. Otaqlar ola-ola gedib başqa bir təşkilatda geniş yer tapıb iclas keçirək? Yeni binanın 5 zalı olacaq. Komissiya iclasının keyfiyyəti otağın işıqlanması ilə bağlıdırsa, o komissiyanın nə effekti ola bilər? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Mən də, ümumiyyətlə, korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyi orqanlarının bütün sahələrini əhatə etməsinin, qanun normalarının icrasının tərəfdarıyam. O baxımdan, şübhəsiz ki, bu məsələdə Milli Məclis üzvləri nümunə göstərməyə borcludurlar.
Mən konseptual baxımdan belə bir qanun normasının bizim Daxili Nizamnamədə əks olunmasını vacib sayıram. Lakin bir neçə qeydim var. Birincisi, konkret olaraq qanunda təsbit etdiyimiz 5-ci maddə bizim qəbul edəcəyimiz Daxili Nizamnaməyə dəyişikliklə bağlıdır. Müəyyən anlaşılmazlıq yaranır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5-ci maddəsində vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada hansı məlumatları təqdim etmələri sadalanır. Elə onların birincisi mənbəyini, məbləğini və növünü göstərməklə hər il öz gəlirləri barədə məlumat verməkdən ibarətdir. Biz ikinci ildir ki, deputatıq. Hələ ki, bizdən məlumat tələb edən olmayıb.
5.2-ci maddədə də belə bir müddəa vardır ki, bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər. Yəni bu, izahat verilməsi lazım gələn bir məsələdir. Bu gün qanun qəbul olunandan sonra həmin bənd Daxili Nizamnaməyə də aid edilir. Deməli, qanunun tələbi ilə imperativ qaydada bu ilin sonu və ya gələn ilin əvvəlində məlumatları artıq təqdim etməliyik. O baxımdan da istərdim ki, hörmətli Əli müəllim və ya qanun layihəsini təqdim edən digər şəxslər məsələyə aydınlıq gətirsinlər. Təkrar edirəm. Bu ilin əvvəlindən Milli Məclisin Sədrindən tutmuş deputatlara qədər hamımız çox qısa bir müddətdə öz əmlakımız haqqında deklarasiyanı verək. Qanunun tələblərinə əməl edək. Yəni bu işdə bir nümunə göstərək. Mən təklif edirəm ki, bu, mətbuatda da dərc olunsun, Milli Məclisin internet saytında yerləşdirilsin. Məsələ eləcə də eyni ilə dövlətin digər vəzifəli şəxslərinə də aid olsun.
Bununla bağlı bir məsələ də yaranır. Korrupsiyaya qarşı mübarizə komissiyası bildirir ki, bu deklarasiya olunmuş əmlak haqqında məlumatlar məxfi xarakter daşıyır. Yəni bəziləri elan oluna da bilər, açıqlanmaya da bilər. Mənə elə gəlir ki, bununla əlaqədar anlaşılmazlıqlar əmələ gələr. Məsələn, mən bilirəm ki, məlumatı kimə təqdim etməliyəm. Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilikdə konkret deputatlar və Milli Məclis barədə belə müddəalar yoxdursa, bu məsələyə də aydınlıq gətirilməlidir.
Sonra, bunun yalnız İntizam komissiyası ilə məhdudlaşması və bu tənbeh, intizam tədbirlərinin, mənə elə gəlir ki, ən azı müəyyən hissəsi Milli Məclisin müzakirəsindən keçərək təsdiq olunmalıdır. Yalnız Milli Məclisə məlumat verilməklə kifayətlənmək olmaz. Məsələn, deputata töhmət verildikdə bu barədə Milli Məclisə məlumat yetirilməsi haqqında bizim Daxili Nizamnaməmizin qaydası var. Mənə elə gəlir ki, korrupsiya ilə bağlı olduğuna görə bu məsələlərin həm də Milli Məclisin müzakirəsinə və təsdiq olunmasına ehtiyac var. Çünki gəlin, etiraf edək ki, cinayət tərkibi yaratmasa da, inzibati pozuntu xarakteri daşımasa da, korrupsiyada ittiham olunmaq kifayət qədər ciddi bir məsələdir. Odur ki, bunun ciddi instansiyada müzakirə olunmasına ehtiyac vardır.
Hörmətli Sədrin diqqətinə bir məsələni də çatdırmaq istəyirəm. Bu, komissiyaların işi ilə bağlıdır. Otaq məsələsi öz yerində, təəssüf ki, komissiyaların işində müşahidə olunan bir qüsurlu cəhət də vardır. Bir qayda olaraq komissiyaların hamısı öz iclaslarını, adətən, bir günə, saat 12-yə salırlar. Bu da həm özümüz, həm də seçicilər üçün maraqlı olan, qanunvericilik təşəbbüsləri ilə gələn qanun layihələrinin müzakirəsində iştirak etməyimizə mane olur. Mən, eyni zamanda, iki-üç komissiyada ola bilmərəm. Ona görə Milli Məclisin rəhbərliyindən xahiş edərdik ki, həmin komissiyaların sədrləri öz qrafikini tutarkən bu məsələni nəzərə alsınlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, komissiya sədrlərinin saatlarını mən təyin etmirəm. Ancaq hamısı eyni vaxtda yox, müxtəlif vaxtlarda da olur. Onu özünüz aydınlaşdıra bilərsiniz. Məktəb deyil ki, cədvəl tərtib edək. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Fazil müəllimin birinci təklifi birinci hissənin 6-cı bəndi ilə bağlı idi. Məsələ burasındadır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda da mötərizədə yazılıb və oradan bura köçürülübdür. Prinsipcə qanunda onu dəyişməyə mən etiraz etmirəm. Qanuna əgər yenə müəyyən dəyişikliklər və əlavələr etsək, bu məsələyə baxmaq olar. Texniki cəhətdən doğrudur, amma prinsipial məsələ deyil. O ki qaldı Milli Məclisin Daxili Nizamnaməsi ilə bağlı təkliflərə, mən xahiş edərdim, Fazil müəllim onları bizim komissiyaya rəsmi, yazılı surətdə versin.
Pənah müəllimin qaldırdığı məsələlər. Birincisi, qeyd etmək istəyirəm ki, Milli Məclis tərəfindən vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı xüsusi bir qanun qəbul olunubdur. Çünki “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda buna göstəriş verilmişdi. Biz o barədə xüsusi qanun qəbul etmişik, orada vəzifəli şəxslərin, o cümlədən millət vəkillərinin maliyyə xarakterli məlumatlarını hansı orqana təqdim etmələri göstərilibdir. Onu da deyim ki, bu məsələlər Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında da müzakirə olunubdur. Qanunun tətbiqi ilə bağlı cənab Prezident tərəfindən fərman imzalanmış və bəyannamənin formasının Nazirlər Kabineti tərəfindən işlənib hazırlanmasına göstəriş verilmişdir. Bu məsələ bir qədər gecikdirilib, ancaq parlament tərəfindən bütün işlər görülüb, qanun da var, onunla tanış ola bilərsiniz.
Bizim və ya başqa vəzifəli şəxslərin məlumatları təqdim etməməsinə gəldikdə, sadəcə, Nazirlər Kabineti, belə deyək, formanın işlənilib hazırlanmasını yekunlaşdırmalıdır. Elə bilirəm ki, yaxın aylarda bu iş yekunlaşacaq və bütün vəzifəli şəxslər, o cümlədən millət vəkilləri də maliyyə xarakterli məlumatları təqdim edəcəklər. Demək istəyirəm ki, bu, indinin özündə qanundan öncə də mövcuddur. Misal üçün, millət vəkilləri seçki prosesində iştirak edəndə gəlirlərlə bağlı bəyannaməni doldurublar.
Belə demək olmaz ki, bu gün o qanun işləmir və heç kim də məlumatları təqdim etmir. İnsan məsuliyyətinin Milli Məclisdə geniş müzakirə olunmasına isə, hesab edirəm, ehtiyac yoxdur. Ona görə məsələni xüsusi vurğuladıq. Əlbəttə, korrupsiya ilə bağlı hüquqpozmaları, düşünürəm ki, İntizam komissiyasında müzakirə olunarsa, yaxud da millət vəkilinə qanunu pozmasına görə töhmət verilərsə, o məlumat Milli Məclisin saytında yerləşdirilə bilər. Yəni bu elə məsələ deyil ki, Milli Məclisin geniş müzakirəsinə çıxarılsın.
Oqtay müəllim, burada başqa bir mübahisəli məsələ qalmadı. Qanun layihəsinə səs verib, onu qəbul etmək olar.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2  
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Sağ olun. Cənab Sədr, müzakirəyə çıxarılan layihə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda dəyişikliklər və əlavələr edilməsini nəzərdə tutur. Birinci dəyişikliyin mahiyyəti əhalinin dəfn mərasimlərini keçirərkən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədardır. Yerli sosial-müdafiə və sosial-inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, abadlaşdırılması, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi öz əksini tapmalıdır. Bu məqsədlə qanunun 4-cü maddəsinin sonuna yeni abzas əlavə olunur. Həmin maddənin ikinci cümləsindən “mərasim xidmətlərinin təşkili və qəbiristanlıqların qorunması” sözləri çıxarılır, çünki əlavə edilən abzasda bu məsələ daha geniş şəkildə verilibdir.
Buna dair digər məsələ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunla bağlıdır. “Yerli büdcələrin xərcləri” adlanan 8-ci maddəyə də müvafiq düzəliş təmin edilir. Maddəyə yeni abzas əlavə olunubdur: “Bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.
İkinci, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunda edilən dəyişiklik bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüququ qaydalarını dəqiqləşdirir. Bu dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələr vasitəsi ilə əldə edilə bilər. Mövcud olan redaksiyada bu işi ikimənalı yozmaq olurdu. Yəni bələdiyyələrə bu işdə çox böyük, geniş hərəkət etmək üçün imkanlar verilirdi. Bunun nəticəsində çox vaxt göründüyü kimi, müsabiqələr və hərraclar həyata keçirilmirdi. 9.1-ci maddədə edilən düzəliş bu məsələyə, demək olar ki, son qoymağı təmin edəcəkdir. Eyni zamanda, 9-cu maddənin dördüncü hissəsində “bir qayda olaraq” sözləri çıxarılır. 9.5-ci maddənin axırıncı cümləsi çıxarılır, 9.6-cı maddə yeni redaksiyada verilir. Məsələ komissiyada müzakirə olunubdur və Milli Məclisə tövsiyə edilir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəla, Oqtay müəllim, bir məsələni deyim ki, millət vəkili seçilmiş insanlar kifayət qədər məsuliyyətli və hazırlıqlı insanlardır. Onlar dedikləri hər bir sözün istiqamətini, çəkisini çox gözəl bilirlər. Sizin də bir Sədr kimi hər bir məsələyə irad bildirməyiniz, xüsusi ilə kəskin irad bildirməyiniz, hesab eləyirəm ki, düzgün deyil. Siz, ola bilsin ki, nə ilə isə razılaşmaya bilərsiniz. Amma təklifləri dinləyib, hər halda yanlış nə varsa, onun düzəlməsi istiqamətində addımlar ata bilərsiniz. Ona görə, xahiş edirəm, bizim çıxışlardan sonra dərhal şərhlər verməyin ki, biz də Sizinlə heç bir etik çərçivəni aşmadan millət vəkili–spiker münasibətlərini normal qaydada qoruyub saxlaya bilək.
Sədrlik edən. Fazil müəllim, mən heç bir etik çərçivəni aşmıram. Özü də iclası necə aparmağı mənə öyrətmək lazım deyil. Hər sözü də necə lazımdır, mən elə deyirəm. Bura debat yeri deyil, gələrsən, danışarıq. Xahiş edirəm, gündəliklə əlaqədar əlavə sözün varsa, buyur.
F. Mustafayev. Gündəliklə bağlı, mən hesab eləyirəm ki, burada mərasim xidmətlərinin təşkili və qəbiristanlıqların qorunması ilə bağlı maraqlı dəyişikliklər var. “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulan dəyişiklik o problemin həllinə kömək eləməyəcək, çünki burada konkretlik yoxdur. Məncə, bu kimi məsələlərə ayrılan vəsaitin miqdarı konkret, dəqiq göstərilməlidir.
Həqiqətən də, bu sahədə ciddi problemlər var. Ölüm, dəfn, yas işi elə bir məsələdir ki, toya və ya başqa tədbirlərə bənzəmir. Onları, bu kimi digər tədbirləri əvvəlcədən planlaşdırmaq olur. Yasda bu, mümkün deyil. Çünki qəfildən baş verən hadisədə vətəndaşın sosial vəziyyəti bir günün içində kifayət qədər gərginləşir. Ona görə də mərasimlərin təşkili üçün, − mən hörmətli Arif müəllimdən xahiş edirəm, − konkret rəqəmlərin göstərilməsi lazımdır. Bu məsələyə diqqət yönəldilsin ki, alverçilik baş verməsin.
İkinci irad bildirdiyim məsələ 8-ci maddə ilə bağlıdır. Maddədə yerli büdcələrin xərcləri məsələsinə dəyişiklik nəzərdə tutulubdur. Əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə xərclər nəzərdə tutulacaqdır. Biz, adicə, sosial müavinətlərin alınmasında, aztəminatlı ailənin müəyyən mənada yardımla təmin olunmasında ciddi çətinliklərlə qarşılaşdığımızı təcrübədə görürük. Məncə, burada əhalinin mərhumlarının yaxınlarının müraciəti ilə dəfn və yas mərasimlərinin təşkilinə maddi yardım qaydaları dəqiq, aydın olmalıdır. Könüllü şəkildə kim müraciət edərsə, bələdiyyələr vətəndaşlara fərq qoymadan, həmin anda onun aztəminatlı və ya çoxtəminatlı olmasını müəyyənləşdirməyə girişmədən məsələnin həllinə çalışmalıdırlar. Ona görə, hesab edirəm ki, bu məsələdə ciddi dəqiqləşdirməyə ehtiyac var.
9-cu maddədə olan dəyişikliklərdə bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri nəzərdə tutulur. 9.1, 9.3 və 9.5-ci maddələrdə bir-biri ilə ziddiyyət təşkil edən şərtlər var. Burada belə bir qayda nəzərdə tutulur ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları torpaq hərracları, müsabiqələr vasitəsi ilə əldə edilə bilər. Bu, imperativ bir hökm kimi göstərilir. Ondan sonrakı − 9.4-cü maddədə isə göstərilir ki, bir qayda olaraq, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə həyata keçirilir. Burada “bir qayda olaraq” artıq istisna hallara yol verilməsini nəzərdə tutan bir müddəadır.
Nəhayət, sonuncu maddədə kənd təsərrüfatı torpaqları ilə bağlı məsələdə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir. Bu da, mən hesab eləyirəm ki, qanunda yer alması doğru olmayan mücərrəd bir ifadədir və birinci qaydanın pozulmasına gətirib çıxarır. Beləliklə, kənd təsərrüfatı, şəhərsalma, bir də ümumi bələdiyyə torpaqları üçün ayrı-ayrı qaydalar nəzərdə tutulur. Məncə, burada bir vahid qaydanın olması üzərində düşünmək daha məqsədəuyğun olardı. Bu, qanunvericilik texnikası, müddəaların dəqiq anlaşılması baxımından, hesab edirəm ki, zəruridir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Mən bələdiyyələr haqqında qanunvericiliyə edilən bugünkü dəyişikliklərlə onların səlahiyyətlərinin dəqiqləşdirilməsini təqdir edirəm. Xüsusi ilə də qüvvədə olan qanunda dəfn mərasimi xidmətlərinin təşkili və qəbiristanlığın qorunması ilə bağlı cümlənin yeni layihədə tam açılaraq dəqiqləşdirilməsini müsbət hal kimi qiymətləndirirəm. Hesab edirəm ki, bələdiyyələrin bütün səlahiyyətləri, o cümlədən yolların saxlanması məsələsi də bu şəkildə dəqiqləşdirilməlidir.
Təəssüf ki, bu sözləri “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 8-ci maddəsinə edilən dəyişikliklər haqqında söyləmək olmaz. Əvvəla, hesab edirəm ki, buradakı “təyinatı üzrə” sözləri artıqdır və çıxarılmalıdır. Çünki məqsədli xərc nəzərdə tutulubsa, təbii ki, təyinatı üzrə sərf edilməlidir. Digər tərəfdən mən bələdiyyələrə maliyyə mənbəyinin verilməsinin nəzərdə tutulmamasını bu layihənin çatışmayan cəhəti kimi qiymətləndirirəm.
Verilən səlahiyyətlərlə bağlı bələdiyyələrə maliyyə vəsaiti verilməli olduğu halda maddədə göstərilir ki, bələdiyyələr öz büdcələrində bununla bağlı xərc nəzərdə tutmalıdırlar. Bu isə o deməkdir ki, maliyyəni özləri tapmalıdırlar. Fikrimcə, maliyyə təminatı olmadan indiki imkanları çərçivəsində bələdiyyələri bu cür səlahiyyətlə yükləmək, əslində, düzgün deyildir. Bələdiyyələrin əksəriyyətinin buna imkanı olmaması ucbatından onların icrası kağız üzərində qala bilər. Nəzərə alsaq ki, adambaşına büdcə gəliri 10–12 manat olan Bakı bələdiyyələrini çıxmaq şərti ilə ölkə üzrə bütün bələdiyyələrdə adambaşına gəlir 5–6 manat təşkil edir. O halda bu qanunun maliyyə çatışmazlıqları üzündən işləməyəcəyini elə indidən aydın görmək olar.
Müqayisə üçün bildirim ki, bu gün bələdiyyə büdcələrinin adambaşına gəlirləri Latviya, Estoniya, Polşa kimi ölkələrdə 250–500 ABŞ dolları arasında olur. Şərqi Avropa ölkələrinin əksəriyyətində bu rəqəm 250–300 ABŞ dollarından yuxarıdır. Bunun bir səbəbi dövlətin onlara normal vergi mənbələri verməsidirsə, digəri onlarda normal bir transfer sisteminin olmasıdır. Bu sistemə uyğun olaraq bələdiyyələrə dövlət büdcəsindən çox dəqiq meyarlarla işlənmiş qaydada transferlər edilir. Hesab edirəm ki, bu təcrübədən bizdə də istifadə edilməli, verilən səlahiyyətləri yerinə yetirmək üçün bələdiyyələrə mütləq məqsədli maliyyə yardımı göstərilməlidir.
Əslində, dəfn mərasimlərinin təşkili və qəbiristanlığın saxlanılması sosial müdafiə sahəsində dövlətin görməli olduğu işdir. Dövlət bu səlahiyyəti bələdiyyələrə verirsə, ya onlara müvafiq maliyyə təminatı ayırmalı, ya da indiki vergitutma imkanlarını artırmalıdır. Beləliklə, təklif edirəm ki, bələdiyyələrə onların imkanları çərçivəsində hər il dövlət büdcəsindən müəyyənləşmiş meyarlara uyğun qaydada sosial müdafiə xərcləri üçün məqsədli subsidiyalar ayrılsın. Bunsuz yerlərdə bələdiyyələrin normal fəaliyyətindən danışmaq qeyri-mümkündür.
Bələdiyyələrə maliyyə təminatının verilməsi həm də Avropa Şurasının tələbidir. Məlum olduğu kimi, Azərbaycan 2001-ci ildə yerli özünüidarəetməyə dair Avropa Xartiyasını qəbul edibdir. Bu Xartiyada nəzərdə tutulubdur ki, bələdiyyələrə verilən səlahiyyətlər onların maliyyə təminatına uyğunlaşdırılmalıdır. Yəni belə səlahiyyət varsa, onun maliyyəsi də mütləq ayrılmalıdır. Ona görə hazırda verilən səlahiyyətlərə uyğun qaydada bələdiyyələr maliyyə mənbəyi ilə təmin edilmirsə, bu, eyni zamanda, Avropa Xartiyasının tələblərinin pozulması deməkdir.
Mən fürsətdən istifadə edib, bir məsələyə də toxunmaq istəyirəm. Biz bu yaxınlarda Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul etmişik. Əgər ortada belə bir qanun layihəsi varsa, bələdiyyələrə kiçik bir səlahiyyətin verilməsi haqqında ayrıca bir qanunun qəbulu hansı zərurətdən doğmuşdur? Yaxud bu layihənin qəbulu birinci oxunuşdan keçən məlum layihənin kənara qoyulması mənasını vermir ki? Mənim fikrimcə, bələdiyyə haqqında qanunvericiliyin ayrı-ayrı maddələrinə ildə bir dəfə bu və ya digər kiçik dəyişikliklər etməkdənsə, dövlət, nəhayət ki, ölkənin Konstitusiyasının əsası kimi yerli özünüidarəetmə islahatlarına başlamalıdır. Bu işlər belə pərakəndə halda deyil, sistemli şəkildə aparılmalıdır. İslahatın aparılmaması bələdiyyələrdə olan səlahiyyətlərin məhz kənarda saxlanmasının nəticəsidir. Yerlərdə insanların yaşayışını yüksək səviyyəyə çatdırmaq mexanizmi kimi yaradılan bələdiyyələr keçən 9–10 il müddətində real özünüidarəetmə orqanı statusunda çıxış edə bilməmişdir.
Bir misal çəkmək istəyirəm. Bu gün Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin rayonlarda və Bakıda 114 müəssisəsi vardır. Meliorasiya və su təsərrüfatı sistemini dövlətin əlində bu qədər mərkəzləşdirib saxlamaq nəyə xidmət edir? Bu səlahiyyətlər bələdiyyələrin əlində olmalı olduğu halda, tutaq ki, Sudan İstifadə Assosiasiyası yaratmaq, əlavə ehtiyatları bura cəlb etmək hansı məqsədi daşıyır? Yada salım ki, bu il meliorasiya tədbirləri üçün büdcədə investisiya ayırmaları ilə birlikdə 200 milyon manatdan artıq xərc nəzərdə tutulmuşdur. Belə xərclər olan yerdə meliorasiya və su xidmətinin bələdiyyələrin səlahiyyətinə verilməməsi və bir əldə mərkəzləşdirilərək saxlanılması, aydındır ki, ancaq korrupsiyaya gətirib çıxaracaqdır.
Hesab edirəm ki, bu gün ölkədə yerli özünüidarəetmə islahatları sahəsində bir proqramın qəbul edilməsinə ehtiyac var. Bu proqramın işləməsi sayəsində hansı sahələrdə boşluqların olduğu üzə çıxar, bununla da nə kimi qanunların qəbul edilməsinə, onların dəyişdirilməsinə və təkmilləşdirilməsinə tələbin olduğu da aydınlaşar. Ayrı-ayrı ölkələrdə bu təcrübədən geniş istifadə edilmişdir. Misal olaraq göstərim ki, Qazaxıstanda əks-mərkəzləşmə ilə əlaqədar islahatlar aparmaq üçün mütəxəssis məmurlardan ibarət işçi qrupu yaradılmışdır. Bu qrup dediyimiz sənədi hazırlamaqla məşğuldur. Eyni zamanda, Qırğızıstanda, Albaniyada da belə sənədlər hazırlanmışdır. Nəyə görə biz bu təcrübədən istifadə etməyək? Fikrimcə, Azərbaycanda da belə bir işçi qrupu yaradılmalıdır. Təcrübəli bələdiyyə işçilərindən, mütəxəssis məmurlardan, bələdiyyə assosiasiyaları və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət bir işçi qrupu yaratmaq olardı. Bu qrup yerli özünüidarəetmə orqanlarında islahatların aparılması üçün təkliflər paketi hazırlayıb parlamentə təqdim edə bilər. Məhz belə bir sənədə əsaslanıb yerli özünüidarəetmə sahəsində ciddi addımlar atmaq mümkündür. Biz bir-iki maddəni dəyişməklə, gəlin, özümüzü aldatmayaq. Bu məsələyə professional və sistemli baxış olmalı, vətəndaşların normal özünüidarəetmə sisteminə daha geniş imkanlar verilməlidir. Proqramı qəbul etmədən, yerli özünüidarəetmə sahəsində islahatlar aparmadan regionların sosial-iqtisadi inkişafı qeyri-mümkündür. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, İltizam müəllim. Deyirlər ki, mən iclasın gedişinə qarışıram. Burada müzakirə olunan qanun layihəsində dəyişikliklər və əlavələrdən söhbət gedir. Siz bələdiyyəyə dair qanuni əsaslardan danışırsınız. Hamınızdan xahiş edirəm, qanun layihəsindən, gündəlikdə olan məsələdən danışaq. Pənah Hüseyn.
P. Hüseyn. Cənab Sədr, mən də xahiş edirəm, icra aparatına deputatların necə danışmaları, qanun layihəsi ətrafında necə çıxış eləmələri barədə bir göstəriş verilsin, biz də çıxışlarımızı ona uyğun şəkildə quraq.
Davam edirəm, bilirsiniz ki, bu artıq dözülməz xarakter alıb, xahiş edirik, məsələyə son qoyulsun. Burada hazırda qarşıda çox ciddi bir sosial vəzifə durur. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda, xüsusən Bakıda camaatımız bir mafiyanın və bir inhisarın əzabını, bəlasını çəkir. Bu da qəbiristanlıq mafiyası və qəbiristanlığın inhisara götürülməsidir. İnandırıram ki, ölüm, doğma adamın itkisi hamının başına gəlir, hamının vəfat eləmiş qohumu olur. Yəni Bakıda kim isə vəfat eləyəndə onun dünyasını dəyişməyi qalır bir tərəfdə, dəfni ilə bağlı daha dəhşətli faciə yaşanır, çox ağır bir vəziyyət alınır.
Bir daha təkrar eləyirəm, bunu hamımız görmüşük, hamımız da bu məsələ ilə razılaşarıq. İndi bu səlahiyyət hər yerdə, necə deyərlər, heç bir səlahiyyəti olmayan, işi-peşəsi xırda görünən, kölgədə qalan, orada-burada torpaq işi görməklə, obyekt abadlaşdırmaqla məşğul olan və bu məqsədlə sərəncamlar verən bələdiyyələrə keçir. Bu, vəziyyəti yaxşılaşdıracaqdır? Əksinə, bu məsələdə daha da özbaşınalıq və məsuliyyətsizlik yaradacaqdır. Məndən əvvəl İltizam bəy çox gözəl çıxış etdi. Amma konseptual baxımdan mənim baxışım bir qədər fərqlidir. Bu cür mühüm sosial əhəmiyyətli məsələlər, əksinə, Bakı Şəhər İcra Hakimiyyətinin əlində cəmləşməlidir. Onların birbaşa məsuliyyəti artırılmalıdır. Əks təqdirdə Bakı rayonlarının ümumi xarakterli problemlərinin həllinə belə imkanı olmayan bələdiyyələri daha pis vəziyyətə düşəcəklər.
Açığı, mən çox istərdim ki, bizi hər məsələyə qərəzli yanaşmaqda təqsirləndirməsinlər, çünki hörmətli Sədrimiz, adətən, bu məsələlərə toxunanda arada bizi qərəzlilikdə ittiham edir.
Hazırda bütün dünyada, beynəlxalq aləmdə “xristian qəbiristanlığı” deyilən ərazinin sökülməsi ilə bağlı böyük hay-küy qalxıb. Ermənilər Avropa Şurasında, müxtəlif beynəlxalq parlament assambleyalarında bu məsələni gündəmə gətirmək istəyirlər. Halbuki həmin qəbiristanlıqda xristianlardan başqa xeyli müsəlman da var. Müsəlman ölüləri orada bir-iki il qabaq dəfn olunmuşdular. Mən 5 saylı xəstəxananın 5-ci mərtəbəsindən o yerə baxdım, oradakı biabırçılığı gördüm. Qəbiristanlığın bir tərəfi sökülüb qurtarmamış ağacları təcili qırıb villalar tikirlər, hasarlar çəkirlər.
Bələdiyyələr nə iş görəcəkdir? Qəbiristanlığı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sökmüşdülər. Buna birbaşa ora məsuliyyət daşıyırdı. İndi kollektiv bir orqan olan bələdiyyələrin adından başlayacaqlar bu cür qərarlar çıxarmağa. Sonra da deyəcəklər ki, belə bir qərarı onlar qəbul ediblər. Mən İltizam bəyin çıxışındakı tezislərin əksəriyyəti ilə, xüsusi ilə bu məsələdə onlara real səlahiyyətlərin verilməsi, maliyyə təminatının edilməsi ilə yüzdə yüz razılaşıram. İcra hakimiyyəti, o cümlədən yerli icra hakimiyyəti orqanlarının da bu məsələdə məsuliyyətinin artırılması vacibdir. Mən bu işin vəzifə səlahiyyətlərinə görə onlardan da tələb olunmasını təklif edirəm.
Konkret olaraq ikinci bir məsələ torpaqların hərraca qoyulmasıdır. Mən bilmirəm, Arif müəllim, yəqin ki, bu məsələyə izahat gətirər. Torpaq hərraclarının keçirilməsi haqqında bizdə Əsasnamə, yaxud qanun mövcuddur? Qərarlar qəbul olunub, ya yox? Mənim bu barədə məlumatım yoxdur. Amma bizdə bu tenderlərin, yəni hərracların, o cümlədən bələdiyyələrin torpaq hərracı keçirməsi məsələsinin yenə də reallaşması barədə çox ciddi şübhələr qalmaqdadır. Çünki bir qayda olaraq həmin torpaqlardan real istifadə, məsələn, binaların tikilməsi barədə sərəncamları yerli icra hakimiyyətləri verir. O baxımdan bu deklarativ məsuliyyətdən yaxa qurtarmaq üçün kollektiv bir orqan kimi bələdiyyələrə formal xarakterli səlahiyyətin verilməsi aydındır. Şübhəsiz, İltizam Əkbərlinin dediyi məsələ, yəni bələdiyyələrin statusu haqqında məsələyə sistemli, konseptual yanaşıb tamamilə yeni bir qanunun təcili olaraq qəbul edilməsinə ehtiyac vardır. Biz bəlkə onda bu məsələlər, o cümlədən bugünkü qanunvericiliyə etdiyimiz düzəlişlər barədə real nəticəyə nail ola bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına təklif olunan əlavə və dəyişikliklər olduqca böyük əhəmiyyətə malikdir. Mən də bu dəyişiklikləri çox zəruri sayıram və onun qəbul edilməsinə tərəfdaram. Fürsət yaranmışkən “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsində daha bir dəyişikliyin edilməsini təklif edirəm.
Göründüyü kimi, təklif olunan dəyişiklikdən mərasim xidmətlərinin təşkili və qəbiristanlıqların qorunması ilə bağlı mütəmadi olaraq bələdiyyə proqramlarının həyata keçirilməsi tövsiyə olunur. Şübhəsiz, bu həm vacibdir, həm xalqımızın adət və ənənələrinə hörmətdir, həm də dini nöqteyi-nəzərdən savabdır. Zənnimcə, bələdiyyələrin kommunal xidmətləri sahəsində xüsusi proqramlar həyata keçirməsi bu qanunda qabarıq şəkildə öz əksini tapmalıdır. Bunun üçün lazımdırsa, digər qanunvericilik aktlarında da dəyişiklik edilməlidir.
Hazırda keçmiş sovet rejimindən qalma kommunal xidmət təsərrüfatları, bilirsiniz ki, hələ də fəaliyyət göstərir. Lakin onların göstərdikləri xidmətin səviyyəsi əhalini qane etmir. Vətəndaşlar kommunal xidmətlər göstərən orqanların fəaliyyətindən tez-tez narazılıq edir və çox zaman meydana çıxan problemlərin öhdəsindən fərdi qaydada gəlməli olurlar. Bu sahədə ən çox rast gəlinən problemlərə misal olaraq mənzillərin lazımınca qızdırılmamasını, evlərdə isti və soyuq su qıtlığının yaranmasını, məhəllələrdə zibilin yeşiklərdən vaxtında boşaldılmaması və daşınmamasını, lift xidmətlərində fasilələr yaranmasını, evlərin damlarının qırlanmamasını, binaların ümumi görkəminin qayğısına qalınmamasını, santexnika xidmətlərinin zəif təşkil olunmasını gös-
tərmək olar. Xüsusi ilə rayonlarda ümumi yaşayış binalarına kommunal xidmətləri göstərilmir, zibilliklər tüğyan edir, yoluxucu xəstəliklərin yayılmasına səbəb olan amillər aradan qaldırılmır.
Yollar, parklar və idman meydançalarının bir çoxu bərbad vəziyyətdədir. Həyətlərdə uşaqların oynaması üçün heç bir şərait yoxdur. Bir sözlə, kommunal xidmətlər sahəsində çoxsaylı neqativ hallarla qarşılaşmaq vətəndaşlarımızın həyat tərzinə çevrilib. Bütün bu problemlərin aradan qaldırılmasının bir yolu da kommunal xidmətlər sahəsində bələdiyyələrin rolunu gücləndirməkdən keçir. Əlbəttə, daha yaxşı olardı ki, bir çox postsovet respublikalarında olduğu kimi, bizdə də yaşayış məcəlləsi qəbul ediləydi.
Mən bunu da təklif kimi səsləndirirəm ki, kommunal xidmətlər bölməsində bazar iqtisadiyyatının tələblərinə uyğun surətdə özəl qurumlar aparıcı rol oynamalıdırlar. Lakin bütün hallarda kommunal xidmətlərin yaxşılaşdırılması sahəsində bələdiyyələr qəti tədbirlər görməlidirlər. Xahiş edirəm, fürsət var ikən bu məsələnin həllinə millət vəkilləri olaraq öz töhfəmizi verək. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Mən bir məsələyə təəccüblənirəm. Biz vaxtı istismar etməklə məşğul oluruq. Nə mənada? Bəzi deputatlar məlum həqiqətlər ətrafında təkrar-təkrar danışırlar. Hansı qanunları ki biz qəbul edirik və yaxud əvvəl qəbul etmişik, onlara müvafiq şəkildə digər qanunlara, təbii ki, düzəliş etməliyik.
Bundan əvvəlki məsələdə də bir cəhəti müşahidə etdim. Deputat həmkarlarım məndən inciməsinlər. Burada yalnız danışmaq xatirinə, adı qəzetdə çəkilsin deyə danışmaq lazım deyil. Konkret məsələlər ətrafında danışmaq lazımdır ki, vaxtımızı mənasız məsələlərə, kiminsə uzun-uzadı hansısa şəxsi iddialarına və fikirlərinə qulaq asmağa sərf etməyək. Məsələn, cənab Pənah Hüseyn məndən əvvəl danışırdı. Nə deyirdi? Deyir, mən bilmirəm, belə bir qanun var, ya yoxdur. Amma mən belə düşünürəm. Əvvəl aydınlaşdırmaq lazımdır ki, əvvəlki qanunlarda bu məsələ necə, hansı prinsiplə qoyulub. Bundan sonra onun ətrafında danışmaq olar.
Bələdiyyələr haqqında biz əvvəllər qanunlar qəbul etmişik. Həmin qanunlara uyğun şəkildə də gündəliyə əlavələr və dəyişikliklər çıxarılır, müzakirə edilir. Əslində, bunlar bizim prinsipial qəbul etdiyimiz müddəaların təkrar, daha mükəmməl qanunvericilik şəklində ayrı-ayrı qanunlarda öz yerini tapması deməkdir. Bu, yeni bir məsələ deyil ki, onun ətrafında geniş müzakirə, fikir mübadiləsi aparasan. Yaxud da müxalifət hər şeydən dividend qazanmaq istəyir. İndi də qəbiristanlıqdan, hətta o dünyada olan insanlardan dividend qazanmağa cəhd göstərir. Bütün qanunların müzakirəsində, hətta zəruri olaraq qəbul edəcəyimiz, səs verəcəyimiz müddəalar ətrafında təkrar müzakirələr açaraq hansısa tezisi, hansısa fikri ictimai rəyə qaytarmaq və bununla da özünü gündəmdə saxlamaq və ya siyasi dividend qazanmağa çalışırlar. Bəli, biz çox təəssüfdoğurucu iddiaların şahidi olmaqdayıq. Ona görə də mən hesab edirəm ki, bu cür müzakirələrə imkan vermək lazım deyil. Konkret fikirlər demək lazımdır.
Bələdiyyələrdən danışdıq. Onların əvvəldən qəbul etdiyimiz müddəalara uyğun şəkildə statusunun artırılması, yerlərdə bu və ya digər məsələlərlə bağlı prosesə müdaxiləsi ilə bağlı səlahiyyətlərin verilməsi məsələsi ortaya qoyulur. Bir tərəfdən iddia edirlər ki, Azərbaycanda bələdiyyələrə statusu ilə bağlı səlahiyyətlər verilmir, Avropa Xartiyası belə gəldi və sair. Hakimiyyət bələdiyyələrin yerli idarəçiliklə bağlı statusunu qaldıranda, ona səlahiyyətlər verəndə başlayırlar ki, bu, mərkəzləşdirilsin. Nə vaxtdan dəfn mərasimi, qəbiristanlıqda yer verilməsi ilə bağlı məsələnin mərkəzləşdirilməsi fikri olub? Heç vaxt olmayıb, olmamalıdır da.
Qədimdən Azərbaycan xalqı dəfn mərasimini öz adət və ənənəsinə uyğun həyata keçirir. Hər yerdə də daha çox abadlıq aparılan yerlərdən biri insanların dəfn olunduğu qəbiristanlıqdır. Bu yerləri insanlar özləri idarə edirlər. Amma indi zaman, cəmiyyət, qanunvericilik, dünya dəyişir. Buna müvafiq də həmin ərazilərin idarə olunması, abadlaşdırılması qanunla hansısa orqana həvalə olunur. Hansı kənddə, hansı yerdə bu, kiməsə tapşırılıb? İnsanlar özləri bunu idarə edirlər.
Bələdiyyə nədir? Bələdiyyə də özünüidarədir. Bələdiyyə olmamışdan qabaq insanlar özünüidarə ilə əlaqədar bu və ya digər addımlar atıblar və indi də atmaqdadırlar. Ona görə də bu cür aydın, şəffaf şəkildə yazılmış və bələdiyyələrin səlahiyyətləri ilə bağlı məsələyə hansısa formada müdaxilə etmək, bundan yararlanmağa çalışmaq deputatın statusuna və deputatın siyasi fəaliyyətinə uyğun olmayan məsələdir. Siyasi məsələlərdə, siyasi mübarizədə hər şeydən istifadə etmək, həmin adamın özünün siyasətçi kimi tədricən ölümünə gətirib çıxarır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə xanım Paşayeva.
Q. Paşayeva. Hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu çox vacib bir məsələdir. Mənim təklifim daha konkret olacaq. Buraya vacib maddə əlavə olunub, bu, ümumiləşdirilibdir. Aztəminatlı ailələrə yardım da nəzərdə tutulmalıdır, o da edilibdir. Bunu biz bir az konkretləşdirə bilərik.
Qəbiristanlıq məsələsi çox vacib addımdır. Buna heç kəs əlavə söz deyə bilməz. Gedin rayonlara, kəndlərimizə və qəbiristanlıqların gününə baxın. O əraziyə girmək olmur. Bir çox istisnaları çıxmaq şərti ilə qəbiristanlıqlar çox pis vəziyyətdədirlər. Mən bir neçə xarici ölkənin səfirini dəvət etmişdim. Yol boyu gedə-gedə neçəsi mənə sual verirdi ki, niyə qəbiristanlıqlar bu gündədir?
Təbii ki, qəbiristanlığı hər kəsin şəxsi iradəsinə də buraxmaq olmaz ki, sən ölünü dəfn etmisən, get, indi də qəbirinə bax. Bəlkə biri kimsəsizdir, birinin yaxınları yoxdur, onlar artıq çoxdan dünyadan köçüblər. Bu adamların yardıma həmişə ehtiyacları olur. Bu baxımdan hesab edirəm ki, bələdiyyələrə belə bir səlahiyyətin verilməsi vacibdir. Amma burada o fikri “nəzərdə tutulmalıdır” yox, “nəzərdə tutulur” kimi verməliyik. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, abadlaşdırılması, yeni qəbiristanlıq sahələrinin ayrılması nəzərdə tutulur. Biz məsələni konkret, birmənalı qoymalıyıq.
Nəzərə alaq ki, bu gün bələdiyyələr bu sahədə vəziyyəti düzəltmək üçün maliyyə imkanlarının olmamasını əsas gətirəcək. Dövlət büdcəsindən bələdiyyələrə yardım üçün hər il vəsait nəzərdə tutulur. Büdcədən bələdiyyələrə ayrılan vəsaitin bir hissəsinin ilk növbədə bu yöndə xərclənməsini önə salmalıyıq. Çünki bu yer, əslində, elə-belə deyil. Rayonun, bir kəndin simasıdır və biz bu sahədə işləri sürətləndirməliyik.
İkinci məsələ aztəminatlı ailələr məsələsidir. Bu, ümumiləşdirilmiş kateqoriyadır. Mən də hesab edirəm ki, bu müddəa müəyyən sui-istifadələrə səbəb olacaq. Aztəminatlı kateqoriyasını bəlkə ümumiləşdirək? “Kimsəsizlərin, tənhaların yas mərasimlərini bələdiyyələr həyata keçirir” yazmaq olar. İndi hər insan öz yaxınını imkanı çərçivəsində dəfn edir. Əgər konkretləşmə daha dəqiq olsa, sui-istifadələr də aradan qalxa bilər.
Üçüncü məsələni də vacib hesab edirəm. Bələdiyyələrin torpaq sahələrini hərrac və müsabiqələr şəklində verməsi məsələsi, hesab edirəm ki, müəyyən mənada müsbət ab-hava yaradacaq. Ən azı, bu müsabiqələr keçirilməsə, o hərraclar olmasa, insanların bələdiyyələrdən şikayət etmək imkanları artacaq. İnsanların bu gün bələdiyyələrdən yuxarı instansiyalara şikayət etmək hüquqları var. Bu baxımdan dəyişiklik müsbət bir addım olacaq. Təbii ki, bu sahəyə nəzarəti gücləndirmək lazımdır.
Mən Arif müəllimə də dedim, təkcə mənim seçildiyim rayonu misal çəkim. Son bir neçə ildə 10 ildəki qədər torpaq sahəsi verilib. Perspektiv torpaq sahələri, demək olar ki, tamamilə tükənib. Hətta mən soruşuram, yeni qəbiristanlığa haranı verəcəksiniz? Mənə elə gəlir ki, bələdiyyələrlə, bu məsələ ilə bağlı yeni dəyişikliklər olanda bir az da perspektivli torpaqlar məsələsinin üstünə düşməliyik. Burada əlaqələr misal gətirildi. Bələdiyyələrlə görüşlərdə də bu, vacib məsələlərdən biri kimi qaldırılır. Düzdür, bu, birbaşa bələdiyyələrin işinə müdaxilə kimi ola bilər və beynəlxalq səviyyədə də qəbul olunmur. Amma müəyyən icra aparatının yaradılmasına ehtiyac var. Bu gün bələdiyyələrin səviyyəsi onsuz da o qədər yüksək deyildir. Onlar seçilirlər, sonra yeniləri gəlir, amma güclü bələdiyyə aparatlarının yaradılması prosesi ləngiyir. Bu sürətlənsə, bələdiyyələrin işini gücləndirə bilər. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin istiqamətlərini müəyyənləşdirərkən bələdiyyə aparatlarının yaradılmasını bura əlavə etməyimiz daha yaxşı olar. Millət vəkillərinin bəziləri kommunal xidmətlərin bələdiyyələrə verilməsi məsələsini təklif etdilər. Bu, qanunda artıq öz əksini tapmalıdır. Çünki biz bələdiyyələrin üzərinə çox yük qoyuruq və onlar da bunu etməlidirlər. Amma gəlir mənbələri nədən olmalıdır, biz bunu qeyd etmirik. Beləliklə, onların üzərinə düşən məsuliyyət, iş, vəzifə onlara verilən səlahiyyətdən daha artıq olur. Biz bilirik ki, onlar bunu edə bilməyəcəklər. Kommunal xidməti sahələrinin bu quruma verilməsi, onlardan gələn gəlirlər bələdiyyələrin işinə kömək edərdi. Sağ olun.
Sədrlik edən. Valeh müəllim, buyurun.
V. Ələsgərov. İcazə verin, mən də bir neçə kəlmə söz deyim. Məni narahat edən məsələ bundan ibarətdir ki, biz hər dəfə konkret təklif olunmuş sənədin ətrafında yox, başqa məsələlərdən müzakirə açırıq. Biz qanunvericilik orqanı olaraq hüquqi aktları müzakirə və təsdiq etməliyik. Əgər ürəyimizi boşaltmaq, fikirlərimizi demək üçün başqa imkan lazımdırsa, onu da eləmək olar. Siz yazılı şəkildə hər hansı bir təklifi müvafiq şöbəyə, ya da komissiyaya verə bilərsiniz. İş belə aparılır. Mənim xahişim bundan ibarətdir ki, təqdim olunmuş sənəd ətrafında, yəni dəyişikliklər və əlavələr ətrafında müzakirələr ola bilər. Səs verək, ya “hə”, ya da “yox”.
İkinci, mənə toxunan bir məqam da oldu. Haradansa gedirik, qəbiristanlığı görən xarici qonaq deyir ki, bu nədir? Xahiş edirəm, mənim sözümü başqa cür qəbul etməyin, deyəydiniz ki, bu kənddə yaşayanların kül başına ki, qəbiristanlıqları bu gündədir. Beş-altı min adamın, – onun 5-i imkansızdır, 25-i tənhadır, – qalanları ölməyib ki. Hamının bir tikə çörəyi də var, evi də var, maşını da var. Kənd öz qəbiristanlığına baxa bilmirsə, kül o əhalinin başına. Üzr istəyirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mənə çatanda, deyəsən həmişə imamın qırxı 80 gün olur. Fikrimi onunla izah etmək istəyirəm ki, qanun layihəsinin qəbuluna mən də tərəfdaram və buna səs verəcəyəm.
Mən çıxışlarla bağlı onu qeyd etmək istəyirəm ki, parlament danışılan yer deməkdir. Parlamentdə hər bir insan danışmalı, öz fikirlərini bildirməli, sözlərini deməli, seçicilərini narahat edən problemləri qaldırmalı və bunlarla bağlı qanun layihələri hazırlayıb təqdim etməlidir Bu gün qanun layihəsi təqdim olunub və biz buna öz münasibətimizi, fikirlərimizi bildirmək istəyirik. Qanun layihəsi məqbul bir hüquqi sənəddir.
Qanun layihəsində bələdiyyələrin dəfnin və yas mərasimlərinin keçirilməsi üçün imkansız ailələrə kömək etməsi haqqında göstəriş var. Onu deyə bilərəm ki, birinci, bu dəfn mərasimlərinin özünü nizama salmalıyıq, ondan sonra  bələdiyyənin buna kömək etməsinə keçməliyik. Nə ərəb ölkəsində, nə Türkiyədə, nə də İranda Azərbaycanda olan dəfn adətləri kimi bir qayda var. Bunu haradan götürüblər, haradan gətiriblər? Nə İslam, nə Xristian, nə də Buddizm dinlərində belə bir şey var. Heç kəs də ortaya çıxıb demir ki, ay qardaş, bunu yığışdırmaq lazımdır. İndi gəlsin, kasıb dəfn mərasimini keçirsin, görüm necə keçirir. Bir dəfn mərasiminin keçirilməsi üçün orta hesabla 5 min ABŞ dolları pul tələb olunur. Bunu bələdiyyə hansı qaydada ödəyəcək. Sabah varlısı da, kasıbı da, imkansızı da gəlib bələdiyyənin qapısını kəsəcək, deyəcək ki, qanunda yazılıb, zəhmət çək, bunu yerinə yetir. Mən hesab edirəm ki, bundan kasıbdan çox varlı istifadə edəcək. Deyəcək, elə mənim ölənimi də yola ver.
Bunu nizama salmaq lazımdır. Yas sahibi bilmir ki, ölüsünü yerdən götürsün, kimlə müqavilə bağlasın ki, gəlib çadır qursun, yaxud stolun üstünə nə düzsün. Çay içmək üçün stolun üstünə 8 cür təam qoyurlar. Bu yasdır? Yasda insanlar gəlir ölü yiyəsinin kədərinə şərik olmağa, ona təskinlik verməyə. Bu adamın isə vaxtı yoxdur. Çünki onu güdür ki, qonaqlarını necə yola salsın. Stolun üstünə banan gətirib qoyurlar. Sual olunur, bu banan bəyəm milli adət-ənənəyə, dinə uyğundur? Nə bir idarə, nə də dinlə bağlı orqanlar buna bir qərar verir. Quranda, şəriətdə belə bir amil yoxdur. Əgər sən ölənini dəfn etmək, ehsan vermək istəyirsənsə, bunu Allah-taalanın yol verdiyi, müsəlman dininə uyğun qaydada yerinə yetir. İndi biz də qərar qəbul edirik ki, bələdiyyələr gedib o yas yerlərini yola verməlidirlər. Bu, reallıq deyil.
Mən hesab edirəm ki, bunu ciddi şəkildə eləmək lazımdır. İstər dəfn adətləri, istərsə də toy mərasimləri ilə bağlı ciddi qanun layihəsi hazırlayıb qəbul etmək olar. Mən Tacikistanı misal gətirmək istəyirəm. Bu yaxınlarda Tacikistan parlamenti çox gözəl bir qanun qəbul etdi. Dövlət qulluğunda çalışan adamların toyuna 150 nəfərdən artıq adam gələ bilmir. Prezident bununla, digər məsələlərlə, eləcə də yas adətləri ilə bağlı fərman verdi. İndi biz nə qədər gözləməliyik? Prezident bu məsələyə qarışmalıdır? Prezident məcbur oldu maşın şüşələrində plyonkaların yığışdırılması ilə əlaqədar dünən bir tapşırıq verdi. Bunu Prezident eləməlidir? Bunu aidiyyəti orqanlar görməli, etməlidirlər. İndi bu dəfn adətləri ilə də bağlı gərək Prezident desin, biz də qanun qəbul edək. Bunu özümüz nizama salmalıyıq.
Digər bir məsələyə də toxunmaq istəyirəm. Burada deputat həmkarım Pənah Hüseyn çıxış etdi. O, qeyd etdi ki, o qəbiristanlıqlar dağıdılıb. Qəti şəkildə belə bir şey yoxdur. Nərimanov rayonunun ərazisində olan həmin qəbiristanlığa dəfn olunanların ailə üzvləri dəvət olunub. Onlar müvafiq yerə köçürülüb. Qəbrin köçürülməsi istər müsəlmançılığa, istərsə də xristianlığa uyğun gələn, dinlə bağlı yolverilən bir haldır. İkincisi, oradan gözəl yol açılıbdır, maşın tıxacları aradan qaldırılıbdır. Digər tərəfdən, orada xeyli şəkildə abadlaşdırma işləri görülübdür.
Qəbiristanlıqlarla bağlı, ümumiyyətlə, yenə qayıdıram İslama. Müsəlmançılıqda belədir, qəbir itməlidir. Bizdə qəbir indi bir muzeyə çevrilibdir. Kimin cibi qalındır onu daha gözəl edir, heykəl qoyur. Dünyanın başqa ölkələrində bir dənə, həm də alçaq başdaşı qoyurlar. Adını yazırlar, vəssalam. Sağlığında valideyninə o qədər diqqət göstərmir, onun sağlamlığı ilə məşğul olmur, öləndən sonra gedib heykəl qoyur. Belə getsə, yer qalmayacaqdır. Çoxu sağlığında nə qədər yer hazırlayıb ki, mən öləndə burada dəfn olunacağam. Bunlar tənzimlənməlidir. Bunu bələdiyyənin ixtiyarına buraxa bilmərik, çünki o, bunun öhdəsindən gələ bilməyəcəkdir. Ona görə də parlament, ayrı-ayrı aidiyyəti orqanlar bu məsələyə ciddi yanaşmalıdırlar. Bu işlərin hamısı cəmiyyəti düşündürən məsələlərdən biridir. Bunun aradan qaldırılması üçün kimin əlindən nə gəlirsə etməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Mən də təqdim edilmiş qanun layihəsinə müsbət münasibət bəsləyir və düşünürəm ki, müzakirəyə çıxarılan müddəalar günün reallığını özündə ifadə edir.
Deyilənləri təkrar etmədən onu qeyd etmək istəyirəm ki, əslində, qəbiristanlıqlar var və onlarda dəfn mərasimləri keçirilir. Lakin etiraf edək ki, həmin qəbiristanlıqlara baxmaq, dəfni keçirmək ancaq mollaların və ölü sahiblərinin ixtiyarındadır. Kimin imkanı varsa, dəfn olunan adamlarının qəbirləri ətrafında abadlıq yaradır. İmkanı olmayanlar isə heç nə eləmir və o yerdə pis bir vəziyyət əmələ gəlir. Onu da etiraf edək ki, problemlərə daha çox rayon qəbiristanlıqlarında rast gəlmək olur. Rayonlarda onların abadlaşdırılmasında çox böyük çətinliklər mövcuddur. Bu baxımdan mən düşünürəm ki, həmin məsələni tənzimləyən hüquqların bələdiyyələrə verilməsi çox müsbət haldır.
Bakıda da bir çox problem hələ də yaşanmaqdadır. Siyavuş müəllim məsələyə müəyyən dərəcədə toxundu. Mən də öz fikirlərimi bura əlavə etmək istəyirəm. Elə qəbiristanlıqlar var ki, orada evlə qəbiristanlıq bir-birinə qovuşub. Sanki ölü ilə diri bir yerdədir. Bunun qarşısını almaq lazımdır. Gələcəkdə bələdiyyə tərəfindən bu işlərə nəzarət edilməsi hər hansı bir problem yaratmasa da, ümumiyyətlə, mərasimlər haqqında qanun qəbul etmək lazımdır.
Hörmətli Oqtay müəllim, xahiş edərdim ki, bununla bağlı Siz müvafiq komissiyalara tapşırıqlar verəsiniz. Bütün mərasimləri tənzimləyən bir qanun layihəsi hazırlansın, Milli Məclisə təqdim olunsun və bizim müzakirələrdən sonra qəbul edilsin. Beləliklə, cəmiyyətin son dərəcə vacib olan bir hissəsi qoy qanunla tənzimlənsin.
Burada bir çıxışa, təbii ki, münasibətimi bildirmək məcburiyyətindəyəm. Söhbət ondan gedir ki, bəli, biz bələdiyyələrə status veririk, onun hüquqlarını artırırıq. Lakin elə etmək lazım deyil ki, bələdiyyələrin yükü hədsiz dərəcədə çoxalsın və onlar bunları yerinə yetirməkdə aciz vəziyyətə düşsünlər. Bu səlahiyyətlərin verilməsi ilə müqayisədə gəlin görək, bələdiyyələr buna hazırdırlarmı? Çünki bələdiyyə institutları hələ indi formalaşır. Ona görə də onlara səlahiyyətlərin verilməsi mərhələli xarakter daşımalı və bu institutun formalaşması ilə vəhdət təşkil etməlidir.
Burada belə bir fikir söylənildi ki, Su və Meliorasiya Səhmdar Cəmiyyətinin təsərrüfatı və onun səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bu, həmin sahəni çox qorxulu, təhlükəli bir vəziyyətə gətirib çıxarar. Unutmaq olmaz ki, həmin qurum çox böyük bir təsərrüfatdır. Azərbaycanın su təsərrüfatı və meliorasiya işləri uzun illər boyu böyük təcrübə ilə formalaşan bir qurumun ixtiyarındadır. Əgər biz bunu bələdiyyələrə versək, faktiki olaraq oranın ölüm hökmünə qol çəkmiş olarıq. Mən bu cür təcrübəni, təbii ki, müsbət qəbul etmirəm. Düşünürəm ki, o səlahiyyətlərin bələdiyyələrə verilməsi çox böyük problemlər yarada bilər. Təqdim edilmiş qanun layihəsinə müsbət münasibətimi bildirirəm və dəyərli həmkarlarımdan onu xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən məsələnin müzakirə olunduğu komissiyanın üzvüyəm. Fikir və mülahizələrimi orada bildirmişəm. Hazırda təklif olunan dəyişikliklərin məqsəd və vəzifəsi bir tərəfdə qalıb, ümumi, cəmiyyəti düşündürən bu və ya digər məsələlər qanun layihəsinin müddəaları ilə bərabər müzakirə obyektinə çevrilibdir. Məqsəd çox sadə və aydındır. Bu gün kimsəsiz, kasıb adamlar var ki, onların ölünü dəfn etməyə imkanları yoxdur. Onlar belə hallarda maddi yardıma ehtiyac duyurlar. Rayonda bələdiyyənin bəzən bunu etməyə imkanı çatır, ancaq onun həmin insanlara köməyi, buraxdığı maliyyə vəsaiti rəsmi, qanuni sayılmır. Odur ki, bunu qanun formasına salmaqdan ötrü müvafiq qanunvericilik aktına yeni bənd əlavə olunubdur. Bu qanun olmayanda, belə çıxır ki, bələdiyyə onu cibindən verməlidir. Bu dəyişiklikdə nəzərdə tutulub ki, bələdiyyə sədri və üzvlər yerlərdə ölülərin dəfninə kömək göstərməlidirlər. Digər tədbirlərin bu qanuna dəxli yoxdur. Qəbiristanlıq, onların abadlaşdırılması başqa məsələlərdir. Düzdür, bu gün belə problemlər də var.
Məsələn, Bakı şəhərində kommunal təsərrüfatı üzrə departamentin sədri, səhv etmirəmsə, Ənvər Quliyevdir. Bax, Milli Məclisdən bir oğul istərəm ki, onun qəbuluna düşsün, yaxud zəng edib, əlaqə saxlaya bilsin. Bir tərəfdən də deyirik ki, bunu mərkəzləşdirmək lazımdır. Ümumiyyətlə, bu, mümkün olan iş deyil. Bəli, bələdiyyələr cəmiyyətə təzə daxil olublar. Onlara bir sıra səlahiyyətlər verilibdir. Ancaq bələdiyyələr hələ ayaq tutub yerimir. Onları cəmiyyətə daxil edib səlahiyyət verməyin nə pis tərəfi var ki? Dəyişikliklər tamamilə qanunauyğundur və cəmiyyətin bu gün buna tələbatı var. Bu, təkcə bələdiyyələrin səlahiyyətlərini artırmaq deyil, həm də cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə onların ədalətli mövqeyini təmin etməkdir.
İkinci bir məsələyə də toxunmaq istəyərdim. Burada xristian qəbiristanlığının sökülməsi məsələsinə toxunuldu. Bəs 20 faiz torpağımızın işğal olunmasını, yerlə yeksan edilməsini Avropa Şurası, xarici dövlətlər görmürlər? Bizi bircə bu qəbiristanlıqda ölülərin yerlərini dəyişməyimizə görə qınayırlarsa, onda yaxşı etmişik, hələ bir az da dərinə getmək lazımdır. Hesab edirəm ki, qanun layihəsi kifayət qədər məntiqli, hüquqi cəhətdən mükəmməldir və bunu  qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Təşəkkür edirəm, cənab Sədr. Bələdiyyə haqqında söhbət düşəndə, həmişə əsas məsələ yaddan çıxır. Kimin ürəyində nə var, başlayır danışmağa. Bu, bir yana baxanda təbiidir, çünki bələdiyyə yeni qurumdur. Hər birimizin həyatında bunun müəyyən rolu var. Lakin bu söhbətlərin, əlbəttə ki, yeri deyil. Mən yalnız qanun layihəsinin düzəlişlərinin məntiqli olub-olmaması ilə əlaqədar çıxışlara öz münasibətimi bildirmək istəyirəm.
Burada belə fikir söylənildi ki, bir-birlərini inkar edən bir neçə müddəa var. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, mən bunu dedim, yenə təkrar edirəm, 9.1-ci maddədə olan redaksiya belədir: “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər”.
9.4-cü maddədən “bir qayda olaraq” sözləri çıxarılır. Çünki bu fikir 9.1-ci maddədə öz əksini tapıbdır.
9.5-ci maddənin axırıncı cümləsi – “Bu torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir” buradan çıxarılır. 9.6-cı maddə isə yeni redaksiyada verilir: “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. Mən burada heç bir ziddiyyət görmürəm.
Belə bir təklif də oldu ki, dəyişikliklərdə konkretlik yoxdur və şkala olmalıdır. Əlbəttə, bu, mümkün olan bir şey deyil. Nə qədər vəsait ayırmaq bələdiyyələrin özlərinin səlahiyyətlərinə aiddir. Ümumiyyətlə, demək istəyirəm ki, dəfn mərasimlərində bələdiyyələrin iştirakı mövcud qanunvericilikdə də var. İndi isə bu məsələ dəqiqləşdirilir və onun maliyyə təminatı göstərilir. Bələdiyyələr maliyyə imkanlarından asılı olaraq, qəbir qazdırmağı, dəfni təşkil etməyi, yüngül ehsan süfrəsi açmağı və sair xərcləri özləri həll edəcəklər.
Burada belə təkliflər də verildi ki, mərasim məsələləri bələdiyyələrə yox, icra hakimiyyəti orqanlarına verilsin. Buna heç cür bəraət qazandırmaq mümkün deyil. Biz əks-mərkəzləşməni deyirik. Hansı şəhərdə, rayonda isə bunlar hələlik xüsusi orqanların əlindədirsə, bələdiyyələrdə deyilsə, bu o demək deyil ki, hamısını yığıb bələdiyyələrə vermək lazımdır. Əksinə, burada əks-mərkəzləşmə getməlidir. Çünki kənd yerlərində, rayonlarda bu məsələləri bələdiyyələr həyata keçirirlər.
Burada belə fikir səsləndi ki, bələdiyyələrin gəlir mənbələri yoxdur. Hətta Avropa Sosial Xartiyasını misal gətirdilər. Bələdiyyələrə səlahiyyət veriləndə onun müqabilində maliyyə təminatları da gərək həll olunsun. Mən onu deməliyəm ki, bələdiyyələrə kifayət qədər vergi səlahiyyətləri verilibdir. Onlar bu işi lazımınca həll edə bilsələr, kifayət qədər imkanları yarana bilər. Əlbəttə, bir neçə xırda bələdiyyəni istisna etməklə, artıq bu qurumlar büdcəsini toplamaq və öhdələrinə düşən vəzifələri icra etmək imkanlarına malikdirlər. Lakin bu gün həmin imkanlardan yaxşı istifadə olunmur. Bələdiyyəyə vəsait yox, səlahiyyətlər verilir.
Biz Bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi haqqında qanun layihəsi hazırlamışıq. O layihə birinci oxunuşdan keçib. Biz onu bu sessiyada ikinci oxunuşa çıxaracağıq. Bələdiyyələrə bütün səlahiyyətlər verilib. Ancaq konkret bələdiyyəyə hansı səlahiyyətlər və hansı müddətə verilməlidir, bunlar onun hazırlığından, maddi-texniki bazasından, kadr potensialından, imkanlarından asılıdır. Hazırladığımız qanun layihəsində bələdiyyələrə səlahiyyətlərin verilməsi, geri alınması, səlahiyyətlərin icra olunması mexanizmi nəzərdə tutulur. Çünki bütün səlahiyyətlər qanunvericiliklə verilibdir. Biz güman edirik ki, qanun çərçivəsində proqram da hazırlanacaq, o proqrama görə səlahiyyətlərin də verilməsi məlum olacaqdır. Mən deputat həmkarlarıma müraciət edir, onları qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqil müəllim, çıxış etmək istəyirsiniz? Aqil Abbasov, buyurun.
A. Abbasov. Məndən əvvəl həmkarlarım çox şeyləri dedilər, onları təkrar etmək istəmirəm. İki məsələ haqqında qısaca fikir söyləmək istəyirəm. Bu birinci dəfə deyil, Milli Məclisdə erməni qəbiristanlığının sökülməsi ilə əlaqədar söhbət çox gedibdir. Hamı da bizə baxır ki, görəsən parlamentdə nə danışırlar. Köhnə qəbiristanlıqdır, sökürlər ki, şəhəri abadlaşdırsınlar. Bu, məsələnin birinci tərəfi.
İkinci tərəfini deyim. Bibiheybət məscidinin yanında da yolu ağıllı şəkildə genişləndirirlər. Orada da qəbiristanlıq sökülür. Hələ bir adam heç nə demir və ya qəzet də yazmır. Ona görə ki, orada dəfn olunanlar müsəlmanlardır? Harada isə küçəni abadlaşdırırlar, biri qayıdıb deyir ki, orada kim isə villa tikir. Yaxşı edib tikir. Ora erməni qəbiristanlığı idi də. Onlar Ağdamda, mənim atamın qəbrinin yerində tikə bilər, mən Bakıda tikə bilmərəm? O vaxt Naxçıvanda da bu məsələ çıxdı. Qəbiristanlıq məsələsini parlamentə gətirmək çox ayıb olan bir şeydir. Oranı ehtiyac yaranıb, köçürürlər. Əvvəlcədən buna görə xəbərdarlıq da ediblər. Bu cür hallar dünyanın hər yerində var. Gəl götür, apar, götürmürsən, dövlət özü aparır, ayrılmış yerə köçürür. Bunu gətirib parlament səviyyəsinə çıxarmaq bir az yaxşı iş deyil.
Narahat olmayın, Tahir müəllimlə mən Ağcabədidən deputat seçilmişik. Orada 22–23 nəfər namizəd var idi. İkimizdən başqa hamı qəbiristanlıqla məşğul idi. Deputat seçilmək istəyənlər Ağcabədidə bir qəbiristanlıq qalmadı, hamısını abadlaşdırdılar, sonra da çıxıb getdilər. Növbəti beşillikdə də o biri namizədlər abadlaşdıracaqlar. Bələdiyyələrin statusunu qaldırmaq söhbəti gedən kimi biri qayıdır ki, onlara bunu vermək olmaz, bələdiyyə sədri belə edəcək, elə edəcək. Məsələyə belə yanaşmaq doğru deyil. Qanun, Cinayət Məcəlləsi, dövlətin strukturları var, tutub həbs edəcəklər, cəzasını alacaq. Bir-iki nəfərə görə hamını bədnam eləmək olmaz. Bələdiyyələrin statusu qaldırılmalıdır. Özü də bundan da artıq qaldırılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Bir məsələyə münasibət bildirmək istəyirəm. Biz istədik, istəmədik, Avropada qəbiristanlıqların yaxşı saxlanılması məsələsi daim diqqətdə olan işdir. Bu iş Avropa mədəniyyətinin tərkib hissəsidir. Biz də Avropaya inteqrasiya edirik, onunla əməkdaşlıqda maraqlıyıq. Öz problemlərimizi düzgün başa düşmək istəyiriksə, Avropanın bu sahədə hansı fikirlərlə yaşadığını, hansı fəlsəfə ilə ona yanaşmaq ideyasını da qəbul etməliyik. Bizə heç də qəribə gəlməməlidir ki, Avropanın müvafiq strukturlarında, onun parlamentində ara-sıra Azərbaycanda bu və digər qəbiristanlığın, o cümlədən xristian qəbiristanlığının necə saxlanmasına diqqət yetirilir. Mən xahiş edirəm, bu reallığı yaddan çıxarmayaq və işimizi bu istiqamətdə də qurmağa çalışaq.
Digər tərəfdən, parlamentdə nə dediyimizi təkcə biz yox, kütləvi informasiya vasitəsi ilə bütün Azərbaycan xalqı, o cümlədən Azərbaycanda olan diplomatik nümayəndəliklərin işçiləri də eşidirlər. Onlar hər bir fikrimizin üzərində müəyyən mənada dayanır, ona münasibət bildirirlər. Mən istəmirəm, sabah Azərbaycan qəzetlərində çıxsın və Avropaya yayılsın ki, biz yaxşı edib həmin qəbiristanlığı dağıdırıq.
Qəbiristanlıq dağıdılmır, qəbiristanlıq köçürülür və köçürülməmişdən əvvəl bu barədə müvafiq informasiya verilir, dini icmalarla məsələ işlənib hazırlanır. Həmin razılaşmada xarici ölkələrin nümayəndələri də iştirak edirlər. Nərimanov rayonu ərazisində olan qəbiristanlığın qəbirlərinin köçürülməsi ilə bağlı bu gün narahatçılıq yoxdur. Həmin mərhum insanlar mənsub olduğu dini ayinlərə uyğun olaraq köçürülüblər. Mən istəməzdim ki, çox böyük narahatçılıq doğurmayan məsələyə olmayan ab-havanı yaratmağa çalışaq. Azərbaycanda bütün dinlərə hörmət var və hər bir insanın hansı dinə uyğun hərəkət etməsinə heç bir qadağa yoxdur. Bu baxımdan istəməzdim ki, bu gün qəbiristanlıq məsələsi ifrat formada, xoşagəlməz şəkildə cəmiyyətə, Avropaya ötürülsün. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənə elə gəlir ki, bu məsələni kifayət qədər müzakirə etdik. Biz yavaş-yavaş debatlara keçirik. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1  
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti dörd məsələmiz qəsəbə statusu və inzibati ərazi bölgüləri barəsindədir. Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında. Tahir Rzayev, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hindarx kəndi nəinki Ağcabədi rayonunun, eləcə də respublikamızın ən böyük və abad kəndlərindən biridir. Kəndin 7537 nəfər əhalisi var. Kənddə 3 məktəb, 4 uşaq bağçası, 2 mədəniyyət evi, 3 kitabxana, 4 aptek, 50-dən çox iaşə, ticarət obyekti, bir avtonəqliyyat müəssisəsi, “Aqrotexservis” açıq tipli Səhmdar Cəmiyyəti, eləcə də çoxsaylı abonentləri olan elektron-avtomat telefon stansiyası və digər sosial obyektlər fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq Hindarx kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi əhalinin çoxsaylı müraciətlərinə əsaslanaraq Hindarx kəndinə qəsəbə statusunun verilməsi ilə əlaqədar Ağcabədi Rayonu İcra Hakimiyyəti qarşısında vəsatət qaldırmışdır. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yanında keçən şuranın iclasında bu məsələyə baxılmış və müsbət qərar qəbul edilmişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə məsələ təsdiqlənmişdir.
Toplanmış sənədlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun tələblərinə uyğun şəkildə Azərbaycan Respublikası Prezidenti Aparatına göndərilmiş və təsdiq edilmək üçün Milli Məclisə təqdim olunmuşdur. Cənab Prezidentimizin Milli Məclisə ünvanladığı bu qanun layihəsinin təsdiq olunmasını vacib hesab edirəm. Çünki ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramı bu gün, hər yerdə olduğu kimi, Hindarx kəndinin ictimai, sosial həyatında da özünü qabarıq şəkildə göstərir. Kəndə qəsəbə statusunun verilməsi, elə bilirəm ki, bu inkişaf üçün daha bir stimul ola bilər. Ona görə də deputat həmkarlarımdan bu qanun layihəsinin lehinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim Hindarx kəndi ilə işim yoxdur, amma bu və sonrakı məsələlərdə daim işlənən “rayon” sözü ilə bağlı bir təklifim var. Sovet dövründə inzibati ərazi bölgü vahidinin bütün respublikalarda adı “rayon” idi. İndi keçmiş sovet respublikalarının bir hissəsində, o cümlədən Gürcüstanda, Özbəkistanda bu adı dəyişdilər. Yəni yerli terminlərə keçdilər. Azərbaycan tarixində də ərazi vahidlərinin müvafiq adları olubdur. Qəza, mahal, əyalət, vilayət deyirdilər. Qədim türk tarixində “el” sözü var. Bilmirəm, bunu nə qaydada həyata keçirmək olar, hər halda mətbuatda, televiziyada da tez-tez səslənir və belə deyirlər: Şamaxı eli, İsmayıllı bölgəsi. Niyə “rayon” sözündən yapışıb qalmışıq? Bunu dəyişdirmək vaxtı çatıb.
Fürsət var ikən bir məsələyə də toxunmaq istəyirəm. “Milli Məclisin deputatı” ifadəsi nə deməkdir? Bu da rus dilindən qalma termindir. Bir uyğun məna da ifadə etmir. İngilis dilində “deputat” sözü var, mənası müavin deməkdir. Niyə bu ad “Milli Məclisin üzvü” olmasın? Məncə, bu məsələyə baxılsaydı, yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2 
İştirak edir 88
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. Qanun layihəsi Füzuli rayonu kəndlərindən Horadiz qəsəbəsinə 342 hektar torpaq sahəsinin ayrılmasını və ona şəhər statusunun verilməsini nəzərdə tutur. Füzuli rayonunun Əhmədalılar kəndindən 31 hektar, Mollaməhərrəmli kəndindən 37, Qarakollu kəndindən 122, Aşağı Rəfədinli kəndindən 35, Qış Otlaq fondundan 117 hektar torpaq sahəsi Horadiz qəsəbəsinin inzibati ərazisinə əlavə olunur. Füzuli rayonunun mərkəzi funksiyasını daşıyan bu qəsəbə əhalisinin sayı, digər göstəriciləri ona şəhər statusunu almağa əsas verir. Xahiş edirəm, bu qanun layihəsinə səs verəsiniz.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 89
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Şəki şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Layihədə nəzərdə tutulur ki, Şəki rayonunun Şıxoba kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrindən çıxarılsın. Şıxoba kəndinin adı var, özü yoxdur. Bu kənd, əslində, ötən əsrin 70-ci illərindən mövcud deyil. Son iki ailə 1978-ci ildə oradan qonşu kəndə köçübdür. Oranın torpaqları islahat zamanı qanunauyğun qaydada bölünübdür. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 90
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Çox sağ olun. Bu layihədə Qəbələ rayonunun tərkibində beş yeni inzibati ərazi dairəsinin yaradılması nəzərdə tutulur. Bunlar Şəfili, Şamlı, Ovçullu, Molla Şıxalı və Solquca kənd inzibati ərazi dairələridir. İnzibati ərazi dairələrinin yaradılması yerlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yaşayış məntəqələrinin abadlaşdırılması, yeni iş yerlərinin yaradılması və nəhayət, əhalinin rahatlığının təmin edilməsi deməkdir. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 90
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İkinci oxunuşdur. Fəzail İbrahimli.
F. İbrahimli, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli Məclis üzvləri! Birinci müzakirədən sonra təqdim olunmuş qanun layihəsi üzərində ciddi iş aparılmışdır. Qanunun keyfiyyətli, daha sanballı olması üçün işçi qrupu tərəfindən irəli sürülmüş təklif, mülahizə və iradların hər birinə böyük diqqətlə yanaşılmışdır. Yəqin ki, təklif və mülahizələrin sahibləri indi təqdim olunmuş qanun layihəsinə diqqətlə baxıblar. Onların fikirlərinə böyük hörmətlə yanaşmışıq.
Qanun layihəsi ilə bağlı irəli sürülmüş fikir və mülahizələri qruplaşdıraraq aşağıdakı məqamları sizin diqqətinizə çatdırmaq istərdim. Birinci oxunuşun müzakirəsi zamanı qanun layihəsi barədə konseptual baxımdan fikirlər deyilmiş, ayrı-ayrı maddələrə dair iradlar olmuşdur. 1.1, 1.4, 1.5, 7.4, 7.9-cu maddələrə edilən ağlabatan, tamamilə qanunauyğun iradlar nəzərə alınmış, bir sıra müddəalar, ümumiyyətlə, qanun layihəsindən çıxarılmışdır.
İkinci, ümumi xarakterli məsələlərlə bağlı konseptual baxımdan fikir və mülahizələr söylənmişdi. Mən burada adlar çəkməyəcəyəm, ümumi fikirlərimi söyləyəcəyəm. Bu qanunun fəlsəfəsi nədən ibarətdir? Bu fəlsəfə çox sadə və aydındır. Birləşmiş Millətlər Təşkilatının Coğrafi obyektlərin adlarının standartlaşdırılması haqqında ekspert qrupu fəaliyyət göstərir. Azərbaycan, Ukrayna və Rusiyanın təklifi ilə Birləşmiş Millətlər Təşkilatı Coğrafi adların standartlaşdırılması haqqında ekspert qrupu üzrə xüsusi təşkilat yaratmışdır. Sovetlər birliyi dağıldıqdan sonra respublikamız həmin ekspert qrupu təşkilatına üzv seçilmişdir.
Azərbaycan həmin təşkilata üzv olandan sonra məhz belə bir qanun layihəsini hazırlamışdır. Coğrafi adları, ərazisi işğala məruz qalan ölkə üçün bu, çox vacib bir qanundur. Bu qanunun qəbul edilməsinə qədər Azərbaycanın kifayət qədər belə adları təcavüzə məruz qalıb, dəyişdirilibdir. Bu gün də bu təşəbbüsdə olanlar arasında bizim qonşularımız və digər adamlar vardır. Bir misal deyim. Naqornıy Karabax az qalıb ki, beynəlxalq status qazansın. Bu qanunu qəbul etdikdən, onu Birləşmiş Millətlər Təşkilatının Coğrafi adların standartlaşması üzrə ekspert qrupundan keçirdikdən sonra artıq kimin nəyə əl atması heç bir əhəmiyyət kəsb etməyəcəkdir. Dünyada standartlaşdırılmış formada qəbul edəcəyimiz bu adlar artıq tarixə vəsiqə alır.
Bəzi çıxışlarda bu qanun vasitəsi ilə reallaşması mümkün olmayan fikir və mülahizələr də var idi. Məsələn, onlar Cənubi Azərbaycanda, yaxud bizim qonşu Gürcüstanda, Ermənistanda adların dəyişdirilməsi məsələsinə toxunmuşdular. 3.2-ci maddəyə diqqət yetirsəniz, qanunda irəli sürülmüş mahiyyət sizin üçün aşkar olunar. Həmin fikir və mülahizələri reallaşdırmağa bu qanunun hüquqi əsası yoxdur. Bəzi çıxışlarda isə belə bir əhval-ruhiyyə hiss olunur ki, guya bu qanun qəbul olunandan sonra adların dəyişdirilməsi prosesində yeni bir mərhələ başlanacaq. Qətiyyən elə deyil.
Əvvəla, Azərbaycanda bundan əvvəl qəbul etdiyimiz qanunlarda ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələsi öz əksini tapmışdır. Qanunun qəbul edilməsi artıq beynəlxalq səviyyədə bu adların standartlaşdırılması, kataloqların təşkil edilməsi və onların daha sanballı, beynəlxalq səviyyəli qanunlar formasında reallaşmasına kömək göstərəcəkdir. Bütün bunların hamısı diqqətlə öyrənildikdən sonra qanun layihəsi sizin müzakirənizə verilmişdir. Sizin yenidən söyləyəcəyiniz fikir və mülahizələrə, təbii ki, işçi qrupunun ehtiyacı var. Ağlabatan, qanunun keyfiyyətini yüksəldən hər bir fikrə yenə hörmətlə yanaşılacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Bu, qanun layihəsinin ikinci oxunuşudur. Biz bunu əsas kimi qəbul etməli, sonra müzakirələrə başlamalıyıq. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 86
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hüquqi dövlətdə bütün münasibətlərin yalnız qanunla tənzimlənməsi baxımından bu gün Coğrafi obyektlərin adları haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasını təqdirəlayiq hal hesab edirəm. Mən bu qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Bununla bağlı mənim bir sıra təkliflərim var.
1-ci maddəni həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm. 1.0.1-ci maddədə coğrafi obyektlərin adları verilib. Mən hesab edirəm ki, bu anlayış natamamdır və ora bir sıra sözləri də əlavə etmək lazımdır. Məsələn, orada şəlalələr, çökəkliklər, dərələr, ovlaqlar, çöllər nəzərə alınmayıb. Bundan başqa həmin siyahıda dənizlər var, amma “okeanlar” sözü yoxdur. Materik var, qitə anlayışı yoxdur. Yaxşı bilirik ki, materiklə qitə oxşar anlamlar olsa da, mənaları bir deyil. Bundan başqa adalar var, amma yarımadalar yoxdur. Yenə həmin maddədə rayonlar, şəhərlər, kəndlər, qəsəbələr var, amma “ölkələr” sözü yoxdur. Təklif edərdim ki, bu dediklərim siyahıya əlavə olunsun.
Qanunun bütün müddəalarını hörmətli həmkarım Fəzail müəllim çox geniş izah etdi. Mən 3.2-ci maddəni həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm. Orada göstərilir ki, başqa dövlətlərin ərazisində olan coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı münasibətləri bu qanun tənzimləyir. Belə bir müddəanın burada işlənməsi çox müsbət haldır.
Başqa bir məsələni də həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm. Dünyada ikili adı olan coğrafi obyektlər çoxdur və bunun da əsasında heç vaxt sivil qanun dayanmır. Çox vaxt bunun arxasında siyasət, özü də bir az iyrənc siyasət dayanır. Fəzail müəllimin qeyd etdiyi kimi, bədnam qonşularımızın bu istiqamətdə gördüyü işləri uzun-uzadı sizin nəzərinizə çatdırmağa dəyməz. Bunu hamı bilir.
4-cü maddədə bu sahədə icra strukturlarının vəzifələri verilibdir. Təklif edirəm, burada belə bir müddəa yazılsın: “başqa ölkələrin ərazisindəki coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasında işlənməsi Azərbaycan Respublikasının milli mənafelərinə uyğun olmalıdır” və yaxud “milli mənafelərinə zidd olmamasına nəzarət olmalıdır”. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu, doğrudan da, çox əhəmiyyətli və vacib bir qanundur. Düzdür, belə bir qanun bizdə qəbul olunmuşdu və onun şərtlərinə əməl edilirdi. İndi bunun təkrar qəbul edilməsi də çox vacibdir. Burada Fəzail müəllim çox düzgün dedi ki, bütün təklif və mülahizələr nəzərə alınıbdır.
Bu qanun layihəsinin fəlsəfəsi nədir? Qanunun indiki formada qəbul edilməsi və əsaslandırılması çox vacibdir. Çünki Azərbaycan torpaqlarının bir hissəsi işğal olunubdur. İşğal olunmuş torpaqlar, oradakı adlar haqqında, əlbəttə, müxtəlif mülahizələr söylənilir. BMT-də və müvafiq təşkilatlarda coğrafi obyektlərin adları dəqiqləşdirilməli və onun əsasında da beynəlxalq səviyyədə əsaslandırılmış rəy və hökm verilməlidir. Ona görə belə qaydaların qanun şəklində sabitləşdirilməsinə çox ciddi ehtiyac var. Fəzail müəllimin danışığından bizə məlum oldu ki, bunların bir hissəsi müəyyən təkliflər əsasında işlənib və təkmilləşdirilibdir.
Mən burada bir neçə məsələyə toxunmaq istəyirəm. Əvvəlcə bayaq deyilən bir fikrə münasibətimi bildirmək istəyirəm. Bizim adımız – Azərbaycan Respublikasının deputatı beynəlxalq termindir. Bu ad rus dilində, Avropa dillərinin əksəriyyətində işlənir. Azərbaycan dilində də “deputat” termininin işlənməsi çox təqdirəlayiq haldır. Düzdür, biz bu termini “millət vəkili” kimi, qardaş Türkiyənin termini şəklində işlədirik. Lakin bizim ana qanunda – Konstitusiyada bu termin düzgün olaraq “deputat” adlandırılır. Hər yerdə deputat deyəndə, başa düşürlər ki, söhbət kimdən gedir. “Milli Məclisin üzvü”, elə bil ki, yüzdə, mində biri deməkdir. Ancaq “deputat” dedikdə onun statusu adında öz əksini tapır.
Burada bir məsələdən də söhbət getdi. Mən o məsələ barədə də fikir bildirmək istəyirəm. Rayon, şəhər adları uzun müddətdən bəri Azərbaycan dilində işlənibdir, vətəndaşlıq qazanıbdır. Düzdür, Türkiyədə şəhərə kənd, kəndə başqa ad deyilir. Onlar da Türkiyə türkcəsində sabitləşibdir. Vaxtı ilə Azərbaycan dilində işlənib ki, məsələn, filan quberniyanın filan uyezdinin filan qəzasında yaşayan filankəs. Bu terminlər rus, ərəb-fars dillərindən alınmadır, köhnəlibdir. Ona görə də yenidən həmin adlara qayıtmağa, elə bilirəm ki, ehtiyac yoxdur. Onların qalması bizim dövlət dilinin qanunlarına tamamilə müvafiqdir.
İndi də bu qanun layihəsi ilə əlaqədar bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. 6.1-ci maddə. İkinci oxunuşdur, ona görə də bu maddəyə ciddi şəkildə əməl olunmalıdır. “Coğrafi obyektin mövcud adı müvafiq dövlət orqanlarının və yerli özünüidarə orqanlarının sənədlərinə, rəsmi kartoqrafiya, soraq nəşrlərinə və digər mənbələrə, müvafiq ərazilərin əhalisinin, habelə mütəxəssislərin rəyinə əsaslanmaqla dəqiqləşdirilir”. Bunu heç cür yaddan çıxarmaq lazım deyil. Burada həm əhalinin rəyi, həm də mütəxəssislərin fikri və hökmü əsas götürülməlidir. Unutmaq lazım deyil ki, bəzən kəndin camaatı yığışıb deyirlər ki, yaşadığımız bu yerə filan adı qoyaq. “Kənd əhalisi deyibsə, o adı hökmən qoymaq lazımdır” fikri doğru deyil. Kənd əhalisi çox zaman yaşayış məntəqələrinə Günəşli, Bəzəkli, Baharlı, Zərri, Təzəkənd adı vermək istəyir. Ona görə də orada mütəxəssislərin rəyi hökmən nəzərə alınmalıdır. Bu məsələ yaddan çıxarılmamalıdır. Düzdür, əhalinin fikrini, rəyini eşitmək də lazımdır. Maddənin ikinci hissəsində qəribə bir şey var, mən bilmirəm, onu nəyə əsasən yazıblar. Yazılır: “...tarixi, təbii və digər şəraiti, həmin ərazidə yaşayan əhalinin rəyi nəzərə alınmalı, üç sözdən artıq olmamalıdır”. Bir kəndin adı, bir obyektin adı üç sözdən ibarət olarsa, onu necə tələffüz etmək olar? Bunu qanuna salmaq lazım deyil. Nə qədər qısa və aydın olsa, mürəkkəbdən sadəyə doğru, çətindən asana doğru getsə, əhali ona alışıb üç söz kimi yox, ümumiləşdirib bir, uzaqbaşı iki söz şəklində deyəcək. Ona görə mən buna bir dilçi kimi qəti şəkildə etiraz edirəm. Kəndin, yerin adı üç sözdən ibarət olmamalıdır. Çalışmaq lazımdır, bir sözdən, mümkün olmasa, müstəsna halda 2 sözdən ibarət olsun.
Burada iki maddə var, onlarda bir-birini təkrarlayan ifadələr var. 6.3-cü maddədə yazılır: “dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları verilə bilər”. Müəyyən obyektə dövlət qarşısında xidməti olan şəxslərin adları verilə bilər və bu, çox düzgündür. 6.4-cü maddədə isə belə yazılır: “xüsusi xidmətləri olmuş şəxslərin adları, bir qayda olaraq, ölümündən sonra və adları olmayan coğrafi obyektlərə verilir”. İkisini birləşdirib yazmaq lazımdır. Bunu iki maddədə təkrarlamaq lazım deyil.
“Coğrafi obyektin tarixi adını bərpa etmək zərurəti yarandıqda”. Bu “zərurəti yarandıqda” olmasın. Ümumiyyətlə, o zərurət niyə yaranmalıdır ki? Coğrafi obyektin tarixi adını bərpa etmək elə birinci dərəcəli vəzifə olmalıdır. Ondan sonra o biri adları tapmaq, uyğunlaşdırmaq, qoymaq olar. 6.6.2-ci maddə dəyişdirilməlidir.
7.3-cü maddədə yazılır: “müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində göstərilən təkliflərə baxır, həmin təkliflər bəyənildikdə bu təkliflərə dair əhalinin rəyini öyrənir”. Bəyənmək nə deməkdir? İcra hakimiyyətinin xoşu gəlirsə, deyir, mən bunu bəyəndim. “Bəyənmək” düz deyil. Buna komissiya baxmalıdır, rəy verməlidir. Rəy veriləndən sonra o, qanun şəklində sabitləşməlidir. Necə yəni filan icra hakimiyyəti bəyənirsə, olar, bəyənmirsə, olmaz. Elçiliyə getmirlər ki, ya bəyənə, ya da bəyənməyələr. İcra hakimiyyəti orqanının müəyyən bir komissiyası olmalıdır və onun qərarı qüvvəyə minməlidir.
8.2-ci maddədə oxuyuruq: “Azərbaycan dilində işlədilməsi qaydalarına müvafiq surətdə həyata keçirilir” fikri tamamilə doğrudur. Azərbaycanın ərazisi böyükdür. Burada müxtəlif etnik qruplar və millətlər yaşayırlar. Hər biri çalışır ki, o ad etnik qrupa uyğun şəkildə formalaşsın. Yəni Azərbaycan dilinin qanunları burada əsas olmalıdır. Qanun layihəsində bu cəhəti çox yüksək qiymətləndirirəm.
8.7-ci maddədə qeyd edilir: “Azərbaycan Respublikasının ərazisindəki beynəlxalq avtomobil yollarında coğrafi obyektlərin adları dövlət dilindən başqa beynəlxalq sözlərə uyğun olaraq xarici dillərdə də yazıla bilər”. Bundan əvvəlki bənddə isə “dövlət dilində yazılır” kimi verilib. Beynəlxalq avtomobil yollarında, tamamilə doğrudur, xarici dillərdə də yazılmalıdır. Daxili yollarda Azərbaycanın dövlət dilində yazılmasını qanuna salmamaq da olardı. Məlum məsələdir ki, bizim dildə olmalıdır.
10.3-cü maddədə “Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur” fikrini də düzgün hesab edirəm. Yəni dövlət nəzarəti birbaşa bu adların üstündədir. Bu adların özü də çox əhəmiyyətli və strateji bir məsələdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Pənah Hüseyn.
P. Hüseyn. Fasiləyə çox az qalıb, çalışacağam bir-iki məsələni deyim. Bu qanunla “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun, bilirsiniz ki, 9-cu maddəsi toqquşur. Qanunun 6.8.4-cü maddəsində qeyd olunur ki, şəhər, rayon, qəsəbə, kənd adları qeyd etdiyim qanunun 9-cu maddəsi ilə tənzimlənir. Burada mühüm olan və diqqəti cəlb edən məsələlər var. Əvvəlki qanunda ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi çox aktual məsələ idi. Bu gün müzakirə olunan bu adlarla bağlı bəzi məsələlər onda yoxdur, yeni qanunda isə var. Yəni dəqiqləşdirmə məsələsi haqqındakı norma əvvəlki qanunda yoxdur. 3.3-cü maddədə qeyd olunur ki, obyektlərə adların verilməsi, dəyişdirilməsi əvvəlki qanunla tənzimlənir. Dəqiqləşdirmə bura da aid olmalıdır. Yəni həmin qanunun müvafiq maddəsinə düzəliş etmək lazım gələcəkdir.
Mən Milli Məclisin Toponimiya komissiyasının axırıncı iclasında oldum. Ora təxminən bir neçə yüz, hamısı da yaşayış məntəqəsi olmaqla, kənd, qəsəbə adının, – bir neçə rayon adı da var idi, – dəqiqləşdirilməsi, adların dəyişdirilməsi barədə yerli icra hakimiyyətləri tərəfindən təkliflər daxil olmuşdu. Sözün doğrusu, mən maraqlandım və təəccüb etdim. Məlum oldu ki, Toponimiya komissiyası yerli icra hakimiyyəti orqanlarına müraciət edir. Yuxarıdan gələn məktuba əvvəlki dövrün münasibəti kimi yerli icra hakimiyyəti orqanları cavab verirlər. Onlara elə gəlir ki, nə qədər çox təklif versələr, o qədər yaxşıdır və mütləq vacibdir. Ona görə də müxtəlif şivələrdə, müxtəlif xarakterli fərqlərlə xeyli sayda təkliflər gəlmişdi. Bu, olduqca xatalı, olduqca yanlış və doğru olmayan bir istiqamətdir. Nizami müəllim, Sabir Rüstəmxanlı və digər deputatlar bu məsələnin müzakirəsi zamanı öz fikirlərini haqlı olaraq qeyd etdilər.
Mən burada Azərbaycan dilinin normasına uyğun olaraq dəqiqləşdirmələrin aparılması məsələsinə diqqəti xüsusi ilə cəlb etmək istəyirəm. Heç bir halda, yəni qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Məsələn, elə rayonlardan 30–40 dəqiqləşdirmə ilə bağlı məlumat gəlmişdi. Azərbaycan dilinin ahəng qanunu var, tələb etdiyi normalar var. Həmin adlar qətiyyən bunlara uyğun deyil. Onlar qəbul edilməyəndə, yerlərdə söz-söhbətə və sairə səbəb olacaqdır.
Bu qanunun qəbul edilməsi olduqca vacibdir, bunu çox uzatmağa ehtiyac yoxdur. Bəlkə bunu üçüncü oxunuşda da bu gün qəbul edək? Ancaq buradakı normaların ciddi şəkildə əvvəl qeyd etdiyim qanuna da əlavə mütləq olunmalıdır.
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edək.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutun. Coğrafi obyektlərin adları haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsini davam etdiririk. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də hesab edirəm ki, bu layihə çox mühüm bir sənəddir. Bu layihəni hazırlayanlar, şübhəsiz, böyük əmək sərf ediblər. Ancaq layihənin təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Bu istiqamətdə müəyyən fikirlər söyləmək istəyirəm.
Birinci, hesab edirəm ki, 2-ci maddə tamamilə artıqdır, buradan çıxarılmalıdır. Bu, ölü bir maddədir, heç bir qayda və norma müəyyən etmir. Yox, əgər qalsa, orada sadalanan hüquqi normalar öz qüvvəsinə görə sadalanmalıdır. Yəni Konstitusiyadan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələr gəlməlidir, sonra bu qanun və digər normativ aktlar.
İkinci, 3.1-ci maddə barədə. Bu qanun niyə ancaq Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərə aid edilməlidir? Azərbaycanda xarici ölkələrin nümayəndələri də işləyirlər. Biz bir çox elmi əlaqələrə dair müqavilələri təsdiqləmişik. Onlar kəşf etsələr, neçə olar? Mən hesab edirəm ki, “Azərbaycan” sözü buradan çıxarılmalıdır. “Tədqiqatçılar tərəfindən kəşf edilmiş yerin, coğrafi obyektlərinin” olsun. Hesab edirəm ki, 3.1 və 3.2-ci maddələrdə “Yerin” sözünün böyük hərflərlə yazılmağı da artıqdır. Maddədə “kəşf edilmiş coğrafi obyektlərin” ifadəsi kifayətdir.
Bu qanunun 4.0.1 və 4.0.2-ci maddələri birləşdirilməlidir. Bu maddənin 4-cü bəndində coğrafi obyektlərin adlarının dəyişdirilməsi də yazılıb. Ancaq bu “dəyişdirilməsi” sözü maddənin adında yoxdur. Hesab edirəm ki, maddənin adında da o söz olmalıdır. 4.0.6-cı maddədə “coğrafi obyektlərin adlarının müvafiq ekspertizasının həyata keçirilməsi” də müvafiq icra hakimiyyətinin əsas vəzifələrindən hesab olunur. Belə çıxa bilər ki, müvafiq icra orqanları özləri ekspertiza keçirirlər. Ona görə bu ifadə başqa redaksiyada olmalıdır. Yazılmalıdır: “coğrafi obyektlərin adlarının müvafiq ekspertizasının xidmətindən istifadə edilməsi”. Yəni belə çıxmasın ki, icra hakimiyyəti orqanı özü ekspertiza keçirir.
6.3-cü maddədə göstərilir ki, coğrafi obyektə onun kəşfində, öyrənilməsində və yaxud əsasının qoyulmasında bilavasitə iştirak etmiş şəxslərin, görkəmli dövlət, ictimai elm və mədəniyyət xadimlərinin və dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları verilə bilər. Maddədən “kəşfində xidməti olan adamlar” sözləri çıxarılır və dövlət xadimləri saxlanılır ki, bunlar öləndən sonra verilə bilər. Mənə elə gəlir ki, 6.3-cü maddənin birinci hissəsində göstərilən əlavə digər bənddə də təkrar olunmalıdır.
7-ci maddədə coğrafi obyektlərə adların verilməsi qaydası burada müəyyən olunmamışdır. Adı kim verir, məlum deyil. Hesab edirəm ki, bu maddə ciddi işlənilməlidir.
10-cu maddənin 1-ci bəndində yazılıb ki, bu qanuna uyğun olaraq müəyyənləşdirilmiş coğrafi obyektlərin adlarının digər sahədə tətbiqi məcburidir. Sonra, 2-ci bənddə yazılır ki, Azərbaycan Respublikası ərazisində yerləşən coğrafi obyektlərin adlarının təhrif olunmasına yol verilmir. Yaxşı olardı ki, elə 10.1-ci maddədə belə yazılsın: “Bu qanuna uyğun olaraq müəyyənləşdirilmiş coğrafi obyektlərin adlarının olduğu kimi...” Yəni bura son iki söz əlavə olunmalı, 10.2-ci maddə isə çıxarılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli, buyurun.
N. Nəsibli. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsini mən çox diqqətlə oxudum. Onun çox gərəkli bir məsələyə həsr olunduğu məlumdur və elə sahədir ki, orada, həqiqətən də, qayda yaratmağa böyük ehtiyac var. Xüsusən 8.6-cı bənd çox xoşuma gəldi. “Azərbaycan Respublikası ərazisindəki yol nişanlarında, reklamlarda, lövhələrdə və digər göstəricilərdə coğrafi obyektlərin adları dövlət dilində yazılır”. Bu, milli dövlətin tələblərindən biridir. Ola bilsin ki, məsələ mübahisəli görünsün. Yəni coğrafi obyektlərə aiddirmi, aid deyilmi? Əgər aid deyilsə, onda hansı bir qanunvericilik aktında isə bu öz əksini tapmalıdır. Bütün dövlət orqanlarının bir neçəsi, deyək ki, Milli Məclis, Prezident Aparatı istisna olmaqla, nazirliklərin hamısının qarşısında iki dildə yazılır. Niyə?
Azərbaycan Respublikasının Konstitusiyasında yazılır ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Onda iki dilə nə ehtiyac var? Nazirlik bir yana qalsın, reklam şitlərinə xeyli pul xərclənir, onlar baha başa gəlir. Onlarda da nəzərə alınmır. Adi polis bölməsinin, mənzil-istismar idarəsinin lövhəsi də iki dildə yazılır. Niyə? Bu qədər xərc çəkməyə nə ehtiyac var? Xaricilər yeri həmin lövhəyə görə axtarmırlar ki. Ona qalsa, onda qarşılıqlı olaraq ABŞ-ın Bakıdakı səfirliyinin lövhəsi niyə bir dildədir? Niyə yerli dildə yazılmır? Mənə elə gəlir ki, məsələ həm burada, həm də başqa qanunvericilik aktlarında öz əksini tapmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Nəsib müəllim, mən Sizə bir məsələni, sadəcə, xatırlatmaq istəyirəm. Dediyiniz məsələ Azərbaycan dili haqqında qanunun predmetinə daxildir. Burada söhbət coğrafi adlardan gedir. Səfirlik coğrafi obyekt deyil. Ona görə də orada hər iki dildə yazılması məsələsi bizim digər qanuna müvafiqdir. Yəni biz Azərbaycan dili haqqında qanun qəbul edəndə orada göstərmişik ki, bütün adlar Azərbaycan dilində yazılır, amma xarici dillərdən birində də yazıla bilər. Yəni bu göstəriş qanunda var. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. 6.4-cü maddədə bir məsələ var. İstəyərdim, onu dəqiqləşdirək, çünki bu, sonralar problem yarada bilər.
Sədrlik edən. Üzr istəyirəm, bizim Küveyt parlamentindən qonaqlarımız var, gəlin, onları salamlayaq. Xoş gəlmisiniz. (Alqışlar.)
M. Qurbanlı. 6.4-cü maddədə yazılıb ki, görkəmli dövlət, ictimai elm və mədəniyyət xadimlərinin... (ardını oxumuram) ölümündən sonra və adları olmayan coğrafi obyektlərə verilir. Bu “adları olmayan” termini, mənə elə gəlir ki, bir az düşündürücüdür. Nə üçün? Çünki coğrafi obyektlərin kəşf olunması, tapılması o qədər də asan məsələ deyil. Ölkənin ərazisində olan nə qədər belə obyektlər varsa, onlar coğrafi baxımdan araşdırılıb. Bütün dağların da adı var, zirvələrin də adı var. Yeni nə isə tikilə bilər, açıla bilər. Lakin biz bəzən olur ki, şəhərlərin, qəsəbələrin adlarını dəyişdiririk. Ola bilər ki, biz gələcəkdə görkəmli xadimlərin adlarını bir şəhərə, kəndə verə bilək? Mən istərdim ki, komissiyada buna bir az aydınlıq gətirilsin. Köhnə adı heç vaxt dəyişdirə bilməyəcəyik. Hər hansı bir şəhərə görkəmli dövlət xadiminin adını vermək istədiyimiz zaman, ola bilər ki, problem yaransın. Çünki bizdə elə şəhər adları var ki, zaman-zaman dəyişikliyə məruz qala bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Çox sağ olun. Mən bir neçə məsələyə toxunmaq istəyirəm. İlk növbədə çıxışımı bir sualla başlamaq istəyirəm. Bu qanun layihəsini hazırlayan işçi qrupundan soruşmaq istəyirəm ki, bu qanunla coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi qanunun qəbulundan sonrakı dövrü əhatə edəcək, yoxsa ona qədər artıq mövcud olan adlara da aid ediləcək? İş burasındadır ki, hər bir xalqın dilində öz ölkəsi, şəhəri ana dilində səsləndirilir. Digər dilə keçdikdə o söz bir qədər təhrif olunur. Bizdə isə ondan da ağır bir problem var. Bəzən həmin xalqın, dövlətin, şəhərin adı onun dili ilə deyilir. Adı ortada olan digər xalqa görə götürürük və bu zaman iki dəfə artıq təhrifə yol veririk. Məsələn, Estoniyanın paytaxtı Tallin şəhəri iki “l”ilə yazılır. Amma Azərbaycan dilində bir “l” yazılır. Bu baxımdan bu dəqiqləşmə bütün coğrafi adlarda gedəcək, yoxsa bundan sonra gələnlərdə?
Toxunduğum ikinci məsələ 6.4-cü maddəyə aiddir. Obyektlərin görkəmli dövlət, ictimai elm və mədəniyyət xadimlərinin adlarına verilməsi ilə mən də razıyam. “Adları olmayan” sözləri buradan çıxarılmalıdır. Tamamilə mümkündür ki, artıq adı olan, amma kimin isə dövlət və xalq qarşısında böyük xidmətləri nəzərə alınaraq səsləndirilməsi daha məqsədəuyğun sayılsın.
Mən burada Fransa təcrübəsini təklif edərdim. Fransada belə bir qayda var ki, görkəmli şəxsiyyətlərin adlarının, hətta küçəyə belə verilməsi kimi rəsmi müraciətə 5 il sonra baxılır. 5 il müddəti cəmiyyətə və əhaliyə həmin təklifi müzakirə etmək üçün lazımdır. Həmin təcrübənin burada da tətbiq edilməsini mən təklif edirəm. Hər hansı təklif bir dəfə verilir, 5 ildən sonra nəzərdən keçirilir.
Üçüncü, burada səhv etmirəmsə, eyni ərazi vahidində bir cür coğrafi adların olması ilə bağlı 4-cü maddədə yazılıbdır. Məsələ burasındadır ki, bəli, eyni ərazi vahidində olmaya bilər, amma bütün ölkə ərazisində bəzən eyni adlar təkrarlanır. Mən başa düşürəm ki, tutaq ki, Ağsu rayonunda və Oğuz rayonunda Padar kəndi ola bilər. Bu kəndlər orada vaxtı ilə yaşamış tayfaların tarixi-coğrafi kökləri ilə bağlı yaranıbdır. Amma iş burasındadır ki, hər bir rayonda Təzəkənd kəndinin olması nə dərəcədə düzgündür? Məsələn, bu gün bizə gələn iclaslarımız üçün təkliflər verildi. Yeni rayonların hansındasa yaradılmış qəsəbəyə yenidən Təzəkənd adı verilir. Bu o deməkdirmi ki, hər bir kəndin təzə kəndi olmalıdır? Aydındır ki, bu təzədir də. Olmazmı ki, həmin o coğrafi əraziyə Azərbaycan dilinin zənginliklərinə uyğun olan ad seçilsin?
Sonuncu təklifim ondan ibarətdir ki, bizim qanunumuz, əsasən, Azərbaycan ərazisində olan coğrafi obyektlərin adlarına və eyni zamanda, Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş yerlərə aiddir. İş burasındadır ki, elə məsələlər var, onlara biz biganə qala bilmərik. Məsələn, tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığını götürək. İndiki Ermənistan deyilən dövlətin əhalisi bizim qədim torpaqlarımızın ərazisində yaşayır və kütləvi surətdə orada bütün Azərbaycan adlarını dəyişdirir. Hətta keçmiş Göycə gölü də bu gün Sevan adlanır. Digər rayon, kənd, dərələrə qədər hamısı dəyişdirilib. Biz, tutaq ki, bunu başa düşürük. Amma İrəvan şəhərini bizim rəsmi sənədlərimizdə, tariximizdə Yerevan kimi yazmağa nə ehtiyac var. Belə baxanda, bu, bizim dilimizdə İrəvan olub. Ermənilər öz dillərinə uyğun olaraq onu bir hərf dəyişiblər. Bu o deməkdir ki, biz onların dediklərini qəbul etməliyik. Mən bilmirəm, bu dediklərimin bu qanuna aidiyyəti var, yoxsa yoxdur, amma çox istərdim ki, tarixi şəhərimiz olan İrəvan bizim bütün sənədlərimizdə köhnədə olduğu kimi yazılsın. Qeyd edim ki, digər dövlətlərdə də bu cür təcrübə çoxdur. Eyni şəhərin adı hansısa millətin dilində bir cür, digərində isə başqa cür səslənir. Hər bir dövlət, hər bir xalq öz yazısında, öz dilində, xəritəsində adları məhz öz dilinə uyğun işlədir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdur? Hesab edirəm ki, çox maraqlı təkliflər və iradlar oldu. Fəzail müəllim, deyilənlərə münasibət bildirmək istəyirsiniz? Buyurun.
F. İbrahimli. Müəyyən məsələlər vardır ki, istəyərdim, onun üzərində düşünək. Bəzi məqamları açıqlayım. Üçüncü oxunuşda qoy kim isə iddia ilə çıxış etməsin ki, mənim filan təklifim qəbul edilməyib. Əvvəla, işçi qrupu deyilən təkliflərə çox diqqətlə yanaşır. Bəzi məqamlar var ki, bunlar yeni məsələlərdir, fikirlərdir. Biz bunun üzərində də düşünəcəyik.
Rafael Cəbrayılovun verdiyi təkliflər diqqəti çəkəndir. İlyas İsmayılovun təklifləri, mənə elə gəlir ki, hüquqi müstəvidə idi. Biz hüquqşünas dəvət edəcəyik və bu məsələləri araşdıracağıq. Amma müəyyən məsələlər var ki, bunlar bir istəkdir. Bunlar qanunun tələbləri daxilində deyil, bəlkə də bir dövlətçilik, bir millilik baxımından istəkdir. Mən istərdim buna toxunum. Məsələn, elə Aydın müəllimin çıxışını deyim. Bu, ötən çıxışın təkrarıdır, Aydın müəllim. Mən dedim, təkliflər üç qrupa bölünür. Üçüncü qrupa daxil olan təkliflər bu qanunla reallaşdırıla bilməz. 3.2-ci maddəni oxusanız, görərsiniz ki, sizin istəyiniz bu qanunla reallaşa bilməz.
Burada Mübariz Qurbanlı 6.4-cü maddə barədə dedi. O məsələləri biz nəzərdə tutmuşuq və bunun üzərində düşünəcəyik. Fikir ehkam deyil, fəaliyyət üçün proqramdır. Amma burada, məsələn, hansısa obyektə ad verilir. İndi kiminsə istəyi var ki, bu obyektin adını dəyişdirib başqasına versin. Biz bunu qanunun maddəsinə ona görə saldıq ki, verilmiş adlar əgər tarix səhnəsindən silinəcəksə, təbii ki, onlardan imtina ediləcək. Məsələn, nə qədər institutların adları dəyişdirildi. Ola bilsin ki, Prezidentin fərmanı ilə hansısa adlar yenə dəyişdirilsin. Bu yeni adları silib təzədən kiminsə adına vermək yox, adları olmayan obyektlərə vermək nəzərdə tutulur.
Məsələlərə daha çox nüfuz edən Nizami Xudiyev oldu. Nizami müəllim, Siz deyirsiniz ki, bu, təkrar qanundur. Belə deyil. Bu, yeni qanundur. Siz, görünür, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla bunu dəyişik salırsınız. 6.2-ci maddədə deyirsiniz ki, 3 sözdən artıq olmamalıdır. Orada yazılmır ki, 3 söz olmamalıdır. Qoy bir söz olsun. Amma bir də görürsən ki, Hacı Kərbəlayı Xudaverdi xan oğlu filankəs. Biz bunun qabağını almışıq ki, daha Hacısı deyiləndə Kərbəlayı deyilməsin. Yəni 3 sözdən artıq olmasın. Biz, əksinə, elə sizin istəyinizi reallaşdırmışıq. 6.3 və 6.4-cü maddələrində “zərurət yarandıqda” yazılıbdır. Siz deyirsiniz ki, qanunda hökm etmək lazımdır ki, Azərbaycan dövlət dilində yazılsın. Bizim beynəlxalq konvensiyalara qoşulduğumuz adlar var. O adlarla yazıla da bilər, yazılmaya da bilər. Biz bunu məcbur edə bilmərik. Yardımlının girəcəyində “Yardımlı” sözünü Azərbaycan dilində yaz. Biz ona hökm edirik ki, ingilis dilində də yazsın? Buna nə dərəcədə zərurət var? Heç ömründə ingilisin ayağı ora dəyməyəcək. Ona görə də hesab edirəm ki, bu xarakterli məsələlərlə qətiyyən razılaşmaq olmaz. Lakin bir sıra məsələlər var ki, açığını deyim, mən onları başa düşmədim. Yəqin ki, stenoqramda bunları diqqətlə oxuyub, öyrənib, növbəti müzakirədə sizinlə bölüşərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Mən bir əlavə etmək istəyirəm. 6.4-cü maddədə nəzərdə tutulur ki, görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin və dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları, bir qayda olaraq, ölümündən sonra və adları olmayan coğrafi obyektlərə verilir. Bu, BMT-nin coğrafi adlar haqqında olan bir sənədinin tələbidir. Yəni bunu biz fikirləşməmişik, orada var, belə də olmalıdır.
Burada Yerevana İrəvan deyək təklifi oldu. Onda biz qoyduğumuz adları da onlar dəyişəcəklər. İş burasındadır ki, BMT-nin xüsusi müqaviləsi var. Ermənistan bu müqaviləyə daxil olsa, bizim coğrafi obyektlərin adları Azərbaycan dilində necə ifadə olunur, elə də deyilməlidir. Misal üçün, Türkmənistan bu müqaviləyə daxil olsa, Azərbaycan tədqiqatçıları Xəzər dənizində Kəpəz neft yatağını kəşf eləyiblər, onlar məcbur olacaqlar, ora Sərdar yox, mütəxəssislərimizin verdiyi adı, yəni Kəpəzi desinlər. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
 O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Arif müəllim. Başqa çıxış eləmək istəyən yoxdur? Yoxdur. Nə kimi təklif var? Hörmətli deputatlar, qanun layihəsi həcm etibarı ilə 12 maddədən ibarətdir, fəsillərə bölünməyibdir. Ona görə, etiraz eləmirsinizsə, biz bunu iki yerə bölək, hərəsi 6 maddə olmaqla iki dəfəyə səsə qoyaq. Etiraz yoxdur? Yoxdur. Xahiş edirəm, 1–6-cı maddələrə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
7–12-ci maddələr səsə qoyulur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Bütövlükdə qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə münasibətinizi bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Növbəti məsələ. Təbii müalicə ehtiyatları və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda). Məruzə üçün söz Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə verilir. Hadi müəllim, buyurun.
H. Rəcəbli,  Mill Məclisin  Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadiyyatın aparıcı sahələrinə xüsusi diqqət yetirilmiş, ulu öndərimiz Heydər Əliyevin Əsrin müqaviləsi ilə səciyyələnən neft siyasəti nəticəsində ölkəyə milyardlarla ABŞ dolları məbləğində xarici kapital cəlb edilmişdir. Bu gün Azərbaycanda sıçrayışlı inkişaf, məhz ona uyğun prioritetlərin uğurla seçilməsi və iqtisadiyyatın bazar qanunları ilə bacarıqla idarə olunması siyasəti müşahidə olunur.
Dünən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkənin bu ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş yığıncaqda bir daha Azərbaycanda əldə olunan yüksək uğurlarla yanaşı, iqtisadiyyatın perspektivli sahələrinə xüsusi diqqət yetirilməsinə böyük önəm vermişdir. Bu perspektivli inkişafı məhz ölkəmizin təbii ehtiyatlarından bəhrələnməklə əlaqələndirmək olar.
Azərbaycan Respublikası təbii müalicə ehtiyatlarının zənginliyi, rəngarəngliyi və unikallığı ilə seçilən bir ölkədir. Dünyada analoqu olmayan müalicəvi təbii amillərin böyük əksəriyyəti Azərbaycan ərazisində mövcuddur. Mindən artıq müxtəlif tərkibli mineral su mənbələri, müalicəvi göl və vulkan palçıqları, şəfaverici naftalan nefti və duz yataqları, meşə, dağ, dəniz, müalicəvi sahil qumları, təmiz hava iqlimi, çoxsaylı dərman bitkiləri və sair bu ölkənin zəngin sərvətidir. Dünya təcrübəsi artıq sübut etmişdir ki, müxtəlif xəstəliklərin müalicə və profilaktikasında, sağlamlığın qorunmasında və bərpasında təbii amillər əvəzolunmaz rol oynayır. Bu sahələrə tələbat gündən-günə artmaqdadır.
Azərbaycanın karbohidrogen ehtiyatlarından sonra onun sosial-iqtisadi həyatı üçün ən vacib istiqamətlərdən biri, mən deyərdim ki, elə birincisi, istirahət biznesinin yaradılması, turizm, kurort və sanatoriyalar bölümünün inkişaf etdirilməsidir. Məhz bu baxımdan 2007-ci il 27 fevral tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu sahənin əsas qolunun – Azərbaycan kurortlarının inkişafı ilə bağlı Dövlət Proqramı haqqında sərəncam imzalamışdır. Bu proqramda müvafiq orqanlara çox ciddi şəkildə tapşırıqlar verilmişdir. 2007–2017-ci illərdə mərhələlərlə inkişaf strategiyası hazırlanmalı və bu sahə inkişaf etdirilməlidir.
Möhtərəm Prezidentimiz tərəfindən əvvəllər qəbul olunmuş 600 min iş yerinin yaradılması, kasıblığın azaldılması, regionların sosial-iqtisadi inkişafı və onlarla digər proqramların davamı olaraq təbii müalicə ehtiyatlarından səmərəli istifadə edilməsi, turizmin, sanatoriyaların və bütövlükdə istirahət biznesinin genişləndirilməsi də bizim üçün labüdlüyə çevrilibdir. Elmi araşdırmalar əsasında müəyyən edilibdir ki, geniş təbii imkanları nəzərə alınmaqla respublika rayonlarının yarısında kurortların yaradılmasına hər cür şərait vardır. Təəssüf ki, hazırda ölkənin yalnız bir neçə bölgəsində kurort müəssisələri indi bir qədər məhdud şəkildə də olsa, fəaliyyət göstərirlər. Hələ Sovetlər birliyi dövründə Naftalan, Abşeron yarımadası əraziləri, Qalaaltı, Lənkəran, Astara, Masallı, Naxçıvan Muxtar Respublikası, Gəncə, Hacıkənd, Şəki, Zaqatala, Qax, Şuşa, Turşsu, Quba, Xaçmaz, Nabran və digər kurort zonalarında müalicə və istirahətin təşkili üçün lazımi şərait yaradılmışdı. Bu gün o bölgələrdə vəziyyət heç də xoşagələn deyildir. Heç kimə sirr deyil ki, hər il on minlərlə həmvətənlərimiz Rusiyanın, Türkiyənin, Avropanın və digər ölkələrin müvafiq sanatoriya və istirahət yerlərindən istifadə edirlər. Bununla da ölkə hüdudlarından 100 milyonlarla ABŞ dolları həcmində maliyyə vəsaiti kənara çıxarılır.
Ölkədə bu gün ümumi sahəsi 700 min hektar olan xüsusi mühafizə olunan təbiət zonaları, 7 milli park, 11 təbiət qoruğu və sair müalicə-istirahət mənbələri mövcuddur. Azərbaycanda Elmi Tədqiqat Kurortologiya İnstitutu, “Kurort” Səhmdar Cəmiyyəti nəzdində 2 kurort birliyi, 8 sanatoriya və 2 istirahət evi fəaliyyət göstərir. Sağlamlıq ocaqlarında xəstələr təbii amillər, naftalan nefti, hidrogen kükürdlü və yodbromlu mineral suları, palçıqzəncim, dəniz və meşə atmosferi ilə yanaşı, fizioterapik bədən tərbiyəsi və digər vasitələrlə müalicə olunurlar.
“Kurort” Səhmdar Cəmiyyətinin əvvəllər mövcud olan çox böyük imkanları bu gün xeyli azalmışdır. Belə ki, bu müəssisənin, obyektlərin təxminən 2000 çarpayılıq yeri hazırda işğal zonasında qalmışdır. 55000-dən çox çarpayı yerində bu gün qaçqın və məcburi köçkünlər məskunlaşmışdır. Bu da həmin obyektlərdən istifadə etmək imkanlarını tamamilə kəsmişdir. Ötən əsrin 80-ci illərində mövcud olan 10 minə yaxın çarpayı yerinin bu gün ancaq 10 faizindən kurort-sanatoriya müalicəsi üçün, – əlbəttə, dünya tələblərindən aşağı səviyyədə, – istifadə olunur.
Abşeronda yerləşən “Bilgəh”, “Günəşli”, “Abşeron”, “Qaranquş”, “Xəzər”, “Pirşağı”, “Zuğulba” və “Naftalan” sanatoriyaları müalicə əhəmiyyətinə görə bir vaxt təkcə Azərbaycan əhalisinin deyil, MDB dövlətlərindən olan insanların da diqqətini cəlb edirdi. Uzun illər böyük rəğbətlə qarşılanan, xüsusi şöhrət qazanan bu istirahət və müalicə ocaqları bu gün açıq etiraf etmək lazımdır ki, acınacaqlı vəziyyətdədir.
Ölkə daxilində onlarla belə dövlət, ictimai, özəl kurort və sanatoriyaların fəaliyyətini yenidən canlandırmaq olar. Bu yerlərdə külli miqdarda ehtiyat mənbələri mövcuddur. Həmin infrastrukturların müasirləşdirilməsi, istirahət xidmətinin keyfiyyətinin yaxşılaşdırılması sahəsində pərakəndəlilik, sistemsizlik aradan qaldırılmalıdır.
Təbii müalicə ehtiyatlarından səmərəli istifadə etməklə milli sərvətləri xalqın sağlamlığının xidmətinə və kurortların inkişafına yönəltmək lazımdır. Dövlətin sosial-iqtisadi tərəqqisini reallaşdıran proqramlar ilk növbədə möhkəm qanun bazasına əsaslanmalıdır. Təbii resursların qorunması, aşkar edilib qeydiyyata alınması, ehtiyatların hesablanması, istifadəsinin lisenziyalaşdırılması, kurort əhəmiyyətli ərazilərin statusunun müəyyənləşdirilməsi, onların ekoloji mühafizəsinin təmin edilməsi, əlbəttə, qanunla tənzimlənməlidir. Kurort işini idarə və əlaqələndirən təbii müalicə ehtiyatları və kurortlar haqqında qanun layihəsinin hazırlanması yuxarıda sadaladığım zərurətlərdən doğmuşdur.
Hörmətli həmkarlar! Komissiyamız artıq iki ilə yaxındır ki, sizə təqdim olunan qanun layihəsinin hazırlanması ilə əlaqədar dünya təcrübəsini öyrənir. Bununla bağlı müvafiq işçi qruplarında əlaqədar mütəxəssislərlə dəfələrlə müzakirələr aparılmışdır. Layihəni hazırlayarkən Rusiyanın, Türkiyənin, MDB məkanında olan digər ölkələrin, Almaniyanın müvafiq və oxşar qanunlarından istifadə edilmişdir. Azərbaycanın regionlarında təbii müalicə ehtiyatları resurslarından daha səmərəli və dünya standartlarına uyğun şəkildə istifadə olunmalıdır. Bundan ötrü özəl və beynəlxalq strukturları cəlb etmiş, bir sıra hüquqi, direktiv və normativ aktları nəzərdən keçirmişik. Bununla kifayətlənmirik. Hələ yenə də bir sıra hüquqi aktlara baxılmasına ehtiyac duyulur.
Sizə paylanan qanun layihəsi altı fəsil, on yeddi maddədən ibarətdir. I fəsil əsas anlayışların açılmasına xidmət edir. Bu fəsil müzakirə olunarkən komissiya üzvlərində və işçi qrupunda bir sıra fikir ayrılıqları və diskussiyalar meydana gəldi. Belə ki, təbii müalicə ehtiyatlarının turizmlə bilavasitə əlaqələndirilməsi bizim həm işçi qrupunda, həm də komissiyada, deputatlar arasında mübahisə mövzusuna çevrildi. Nəzərə alındı ki, hazırda bu sahədə bütün münasibətləri tənzimləyən turizm haqqında daha geniş və əhatəli qanun layihəsi üzərində iş gedir. Odur ki, bu sahənin mütəxəssisləri və deputatlar turizmlə təbii müalicə ehtiyatlarından istifadə problemlərinin əlaqələndirilməsini həmin qanunda verməyi məqsədəmüvafiq saydılar. Bu baxımdan da sizə paylanan layihə sadaladığımız bir çox məsələləri özündə ehtiva etməyibdir.
Layihə sizə paylandıqdan sonra möhtərəm Sədrimiz Oqtay müəllimin yanında müşavirədə olduq. Orada bir daha bəzi məsələlərə diqqət yetirmək tapşırığı aldıq. Ona görə yenidən sizə paylanan layihənin özü üzərində iş apardıq və iki kiçik dəyişiklik elədik. Layihə sizdədir, xahiş edirəm, orada bu dəyişiklikləri qabaqcadan aparın ki, sonra müzakirələr vaxtı bu məsələyə dönməyək.
1.0.3-cü maddədə “kurort” anlayışını biz sizdə olan redaksiyada yox, aşağıdakı redaksiyada vermişik. Kurort-təbii müalicə, sağlamlıq ehtiyatlarına malik olan müalicə və sağlamlıq müəssisələri, qurğuları, turizm sənayesinin və infrastrukturunun digər obyektləri yerləşən ərazidir. Kurort ərazisindən söhbət gedir. Biz hesab elədik ki, əgər turizm obyektlərinin yerləşməsini də bu qanun layihəsində göstərsək, onun heç bir ziyanı olmaz.
Digər dəyişiklik I fəslin 2-ci maddəsinin ikinci hissəsindədir. Burada “ərazilərində” sözündən sonra biz “turizm rekreasiya zonaları” sözlərini əlavə etmişik. Beləliklə, biz qanun layihəsinin heç bir məziyyətinə toxunmadan, onun bütün tələblərini, kurort-sanatoriya xidməti ilə bağlı olduğunu qüvvədə saxlamaqla, turizmin də burada iştirakını təmin etməyə nail olduq.
II fəsil dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini tənzimləyir. Bu fəsildə mövcud dövlət özünüidarəetmə orqanları ilə kurort-sanatoriya müəssisələri arasındakı münasibətlər öz əksini tapmışdır. Burada dövlətlə yanaşı, yerli özünüidarəetmə orqanlarının da səlahiyyətləri konkretləşdirilmişdir. Bildiyimiz kimi, burada daha çox yerli özünüidarəetmə orqanları ilə əlaqəli məsələlər ola bilər.
III fəsil təbii mühafizə ehtiyatlarından istifadənin xüsusiyyətlərinə həsr olunmuşdur. Fəslin dörd maddəsində, müvafiq olaraq, təbii müalicə ehtiyatları üzərində mülkiyyətin mənsubiyyəti, təbii müalicə ehtiyatlarının istifadəyə verilməsi və işlənməsi qaydaları, adı çəkilənlərdən istifadə hüququnun məhdudlaşdırılması fəaliyyətinin dayandırılması və ləğv edilməsi halları verilmişdir.
IV fəsil kurort müalicəsi və istirahət sahəsində iqtisadi tənzimləmə məsələlərini əhatə edir. Qeyd etmək lazımdır ki, kurortların maliyyələşdirilməsi sizə təqdim olunan layihəyə əsasən gələcəkdə müvafiq Dövlət Proqramına uyğun olaraq, dövlət və yerli büdcələrin, qanunvericilikdə nəzərdə tutulmuş digər maliyyə mənbələrinin vəsaitləri hesabına həyata keçirilir.
Bildiyiniz kimi, möhtərəm Prezidentimizin imzaladığı sənəddə 2007–2017-ci illərdə bu sahənin geniş inkişafı ilə bağlı xüsusi proqram nəzərdə tutulur. Həmin proqramda bu maliyyələşmə məsələləri aydın şəkildə göstəriləcəkdir. Bu fəsildə, həmçinin sanatoriya-kurort təşkilatlarının mülkiyyətindən istifadə qaydaları, kurortların ərazisində tikinti işlərinin aparılması, sanatoriya-kurort təşkilatlarının statusu məsələləri öz həllini tapmışdır. Burada olan bir mübahisə mövzusunu da bu gün səsləndirirəm. Sonradan biz bunu ikinci oxunuşda sizinlə birlikdə bir daha müzakirə edərik. Burada lisenziya məsələsindən söhbət gedir. Mən bir xırda ştrixlə istəyirəm, bu lisenziyanın vacibliyini sizə çatdıram. Məsələn, Naftalan kurortunda xəstə, deyək ki, 38 dərəcə temperaturda naftalanla müalicə olunmalıdır. Ona 40 dərəcə temperaturda naftalan verilirsə, bu xəstəyə, əlbəttə, əks təsir eləyir. Ona görə bunu mütləq lisenziyalaşdırmaq lazımdır.
Mütəxəssislər turizm xidməti ilə bağlı yüksək səviyyəli xidmətin, istirahət evlərinin olmasını vacib saydılar. Burada da müəyyən lisenziyalaşmaya ehtiyac duyulur. Bu haqda biz düşünməliyik. Turizm Nazirliyi tərəfindən istirahət evlərinə dərəcələr verilir. Onunla bunu əlaqələndirmək lazım gəlir. Bu haqda sizinlə növbəti müzakirələr vaxtı hansısa bir ortaq fikrə gələ bilərik. İkinci oxunuşda bunu mütləq nəzərə almalıyıq.
V fəsildə təbii ehtiyatların və kurortların sanitariya mühafizəsinin təşkili məsələləri həll olunur. Sonuncu fəsil isə yekun müddəalarına aiddir.
Qanun layihəsinin bu günümüz üçün mühüm əhəmiyyətini, möhtərəm Prezidentimizin bu sahəyə xüsusi diqqətini nəzərə almaq vacibdir. Deputat həmkarlarımı sənədin birinci oxunuşda konseptual baxımından müzakirəsində fəal iştirak etməyə çağırıram. Sizi, eyni zamanda, bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Hörmətli deputatlar, qanun layihəsinin birinci oxunuşda müzakirəsinə keçməzdən əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, bu müzakirə ilə əlaqədar Milli Məclisin iclasında qonaqlarımız iştirak edirlər. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Tibbi Reabilitasiya Elmi Tədqiqat İnstitutunun direktoru Əlişir Musayev, “Kurort” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Fərrux İsmayılov və digər qonaqlarımıza sizi maraqlandıran suallar, məsələlər olsa, müraciət edə bilərsiniz. İndi isə qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlayırıq. Səttar Möhbalıyev, buyurun.
S. Möhbalıyev. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Hörmətli Hadi müəllim qanun layihəsi haqqında geniş izahat verdi. Mən də öz fikrimi bildirmək istəyirəm. Azərbaycan Respublikasında mövcud olan iqlim rəngarəngliyi, müxtəlif mineral, müalicə əhəmiyyətli su mənbələri, neft və vulkan palçıqları, habelə digər təbii ehtiyatlar sanatoriya-kurort şəbəkəsinin inkişafı üçün böyük imkanlar açır.
Respublikamız SSRİ tərkibində olarkən onun ərazisində sanatoriya- kurort müəssisələrinin yaradılması və inkişafı ilə bağlı bir sıra işlər görülmüşdür. O cümlədən Abşeron yarımadasında, Gəncə, Hacıkənd, Göy göl, Şəki, Zaqatala, Quba, Xaçmaz, Nabran, Lənkəran, Astara, Kəlbəcər və digər zonalarda sanatoriya-kurort istirahət bazaları yaradılmışdır. SSRİ-nin dağılması sanatoriya-kurort sistemində acınacaqlı bir vəziyyət yaratdı. Mən izahata keçməmişdən öncə Azərbaycanda kurortların inkişafı haqqında bir neçə kəlmə demək istəyirəm.
Azərbaycanda kurort sisteminin yaradılması işləri 1930-cu ilə təsadüf edir. O vaxt kurortlar yarananda Azərbaycanda cəmi 8 sanatoriya və 8 pansionat var idi. 1930–1969-cu illər ərzində bu sahədə heç bir artım olmayıbdır. Bunların 4255 çarpayı fondu olubdur.
İkinci mərhələ 1970–1989-cu illərə təsadüf edir. O vaxtlarda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu sistem geniş inkişaf etdirilibdir. 40 ildə heç bir inkişafı olmayan kurortların sayı 18-ə çatmış, çarpayı fondu 11239-a qalxmışdır. O dövrdə bizim Azərbaycan xalqının sevimlisi Heydər Əliyev istəyirdi ki, Azərbaycanda kurortlar inkişaf etsin. Odur ki, həmin vaxtlarda kurort sahəsinin inkişafına böyük diqqət yetirilmişdir.
Mən təkcə kurortları demirəm, onda istirahət bazalarının yaradılmasında da onun danılmaz xidmətləri olmuşdur. SSRİ dağılandan, – bayaq qeyd etdiyim kimi, – o cümlədən Azərbaycan torpaqlarının 20 faizi işğal altına düşəndən sonra qaçqın, köçkün bacı-qardaşlarımızın bir qismi bizim kurort yerlərimizdə məskunlaşdılar.
Bayaq Hadi müəllim də qeyd etdi, 50 faizdən artıq sanatoriyanın çarpayı fondu artıq zəbt olunubdur. Bu da Azərbaycanda kurortun inkişafına böyük zərbə vurubdur. Yenidən Azərbaycan xalqının iradəsi ilə hakimiyyətə gələn Heydər Əliyev bütün bunlara baxmayaraq, sağlığında kurortların inkişafına bir daha təkan verdi. Bizim kurortların heç biri işləmirdi və bunların maliyyələşdirilməsi problemləri yaranmışdı. O dövrdə mən ölkə Prezidentinə müraciət etdim. O məni qəbul etdi və Azərbaycanda kurortun inkişafı ilə bağlı aramızda dialoq oldu. Mən Azərbaycanda kurortların real vəziyyəti haqqında Prezident Heydər Əliyevə məlumat çatdırdım. Prezident həmin saat göstəriş verdi ki, sosial sığorta üzrə fonddan kurortlara maddi vəsait ayrılsın, müvafiq sanatoriya-kurort yerləri bərpa edilsin və Azərbaycan vətəndaşları gedib o yerlərdə öz sağlamlıqlarını təmin etsinlər.
Kurort, sanatoriya deyəndə, bəzən insanlar buna başqa cür istirahət zonası kimi baxmaq istəyirlər. Sanatoriya müalicəvi bir müəssisədir. Onlarda həkimlər, tibb bacıları çalışırlar. Sanatoriyalar müalicə növləri üzrə ixtisaslaşdırılıbdır. Məsələn, bizdə ürək, mədə-bağırsaq, sümük-əzələ oynaqları üzrə ixtisaslaşdırılmış sanatoriyalar fəaliyyət göstərirlər.
Bu gün Azərbaycan bazar iqtisadiyyatı yolu ilə inkişaf edir. Sanatoriyaların inkişafında da müəyyən problemlər yaranıbdır. Bəzən sanatoriyalar haqqında anlayışı olmayan insanlar radio, televiziya və qəzetlərdə çıxış edirlər ki, guya həmkarlar təşkilatı kurortların inkişafını monopoliyaya alıbdır, imkan vermir ki, özəl bölmə kimi inkişaf etsin. Mən bu gün tribunadan üzümü belələrinə tutaraq deyirəm ki, həmkarlar təşkilatı heç bir monopoliya yaratmayıbdır. Kurortların yaradılması haqqında həmkarlar təşkilatı heç bir lisenziya, kağız vermir. Bunu digər dövlət orqanları edir və bizə onun heç bir aidiyyəti yoxdur.
Söz-söhbət gəzir, deyirlər ki, həmkarlar təşkilatı vasitəsi ilə xaricdə Naftalanın neft palçığı satılır. Onlar bilmirlər ki, həmin müalicə preparatı neft şirkəti tərəfindən istehsal olunur. Digər təşkilatlar kimi həmkarlar təşkilatı da onu maliyyə, yəni pul köçürüb alır və müalicə olunan insanların sağlamlığı üçün istifadə edir.
Ölkə Prezidenti dəfələrlə qeyd edib ki, bizim hər sahədə inkişafımız bazar iqtisadiyyatı yolu ilə olmalıdır. Özəlləşdirmə, düşünürəm ki, heç bir sahədən yan keçməməlidir. O cümlədən bu, kurort sisteminə də aid edilməlidir. Kurortlar Azərbaycan həmkarlar təşkilatının mülkiyyətidir. Əgər biz bunları saxlaya, sabah üçün inkişaf etdirə bilmiriksə, nə üçün özəlləşdirmə aparılmamalıdır? Özəlləşdirmənin aparılması həmkarlar təşkilatının müstəsna hüququdur. Bu təşkilat öz qərarı əsasında bunu özəlləşdirə, inkişaf etdirə, digər təşkilatla birgə müəssisə yarada bilər. O cümlədən bu işə xarici vətəndaşları, xarici sərmayəni də cəlb etmək mümkündür. Bu məsələlər bizim qarşımızda tam ciddiliyi ilə durur. Biz də arzu edirik ki, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıtsınlar, sanatoriya sistemi də inkişaf eləsin.
Bayaq Hadi müəllim də dedi ki, ölkə Prezidenti tərəfindən artıq sərəncam imzalanıbdır. 2007–2017-ci illər üçün Azərbaycan kurortlarının Dövlət Proqramının hazırlanması sahəsində dəqiq, ciddi iş gedir. İqtisadi İnkişaf Nazirliyi ilə həmkarlar təşkilatının mütəxəssisləri bu proqram üzərində işləyirlər.
Biz hesab edirik ki, kurortların mərhələli inkişafını birgə nəzərdən keçirməli, birinci növbədə, qaçqınların həmin zonalardan köçürülməsinə nail olmalıyıq. Möhtərəm Prezidentimiz bu barədə artıq tapşırıq vermişdir. Nazirlər Kabinetinin sərəncamı ilə bir çox idarə, müəssisə və təşkilatlarda yerləşən qaçqın və köçkünlərin köçürülməsi işi ardıcıl şəkildə həyata keçiriləcəkdir. O cümlədən biz də hansı sanatoriya təcili lazımdırsa, ora insanların ehtiyacı vardırsa, çalışacağıq, onlar tədricən azad olsun və təmirinə, inkişafına şərait yaradılsın.
Mən üzümü burada əyləşən insanlara tutur və deyirəm ki, kurort sistemi hər bir ailə üçündür. İstər sosial cəhətdən kasıb, istərsə də imkanlı ailələr orada müalicə ala bilərlər. Buna görə həmkarlar təşkilatına cəmi 15 faiz vəsait ödəyirsən. Beləliklə, həmin məbləğlə orada 20 gün müddətində istirahət edir, müalicə ala bilirsən.
Bizim əsas bəlamız ondan ibarətdir ki, həmin sanatoriyalara, – mən ürək xəstəlikləri üzrə sanatoriyanı nəzərdə tuturam, – yay vaxtı uşaqlar da cəlb olunurlar. Uşaqların istirahəti üçün bizim idarələrin ayrıca sanatoriyaları çatışmır. Bunlar yox dərəcəsindədir. O dövrdə, bilirsiniz ki, bütün idarə və müəssisələrin nəzdində uşaq düşərgələri var idi. Ailələr öz uşaqlarını düşərgələrə göndərirdilər. 3 ay ərzində düşərgələrdə istirahət edir, dincəlir, fiziki cəhətdən qüvvə toplayırdılar. Özəlləşdirmə başlayandan sonra sosial obyektlərin əksəriyyəti öz təyinatını dəyişdirib.
Rusiyada ana və uşaq sanatoriyaları var. Uşaqlar gedir orada 6 ay, 1 il həm dərs oxuyur, həm də müalicə alırlar. Uşaqların anaları da yanlarında qalır. Azərbaycanda da uşaq sanatoriyalarına böyük ehtiyac vardır. Yaxşı olardı ki, gələcəkdə xarici investorlar, yerli iş adamları belə sanatoriyalar yaratmağa fikir versinlər, uşaqların istirahəti üçün şərait yaratsınlar.
Hər il Azərbaycan Həmkarlar Təşkilatının xətti ilə 12 mindən artıq Azərbaycan vətəndaşı bu və ya digər istirahət ocaqlarında müalicə alır, ailəvi istirahət edirlər. O cümlədən bəzi idarə və müəssisələrin də şəfalı yerlərdə istirahət ocaqları var. Onlar bu yolla da öz istirahətlərini səmərəli təşkil edirlər. Rövnəq müəllim Neft şirkətinə rəhbərliyə gələndən sonra orada çalışan işçilərin böyük əksəriyyətinin istirahətini təşkil etmək üçün həmkarlar təşkilatına vəsait ayırır. İndi neft sahəsində çalışan işçilər arasında əvvəlki illərə nisbətən daha çox istirahətə gedənlər var. Elə bir şərait yaradılmalıdır ki, sanatoriya-kurort yaradan insanın bir stimulu, müəyyən iqtisadi imkanları olsun. Sədrlik edən. Səttar müəllim, 10 dəqiqə bitdi. Tamamlamaq istəyirsiniz?
S. Möhbalıyev. Sovet dövründə hansı idarə və müəssisənin tərkibində sanatoriya, pansionat, turist istirahət bazası və yaxud uşaq düşərgəsi olurdusa, onlara vergilərdə, habelə digər sahələrdə güzəştlər var idi. Mən xahiş edirəm, qanun layihəsində gələcəkdə bu işlə məşğul olan, Azərbaycanda turizmin inkişafına çalışan, insanları xarici sərmayələrə cəlb etməyə müəyyən güzəştlər nəzərdə tutulsun.
Kurort sisteminin inkişafı üçün güclü infrastruktur yaradılmalıdır. Sovetlər birliyi dövründə Heydər Əliyev çox səy göstərdi ki, Azərbaycan kurortlar diyarına çevrilsin. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda − 1982-ci ildə belə bir qərar qəbul olundu ki, Azərbaycanda Nabran–Yalama, Abşeron zonası kurort şəhərciyinə çevrilsin. Əfsuslar olsun ki, bəzi insanlar bunun həyata keçirilməsinə imkan vermədilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Məclis üzvləri! Bu gün Azərbaycan Respublikasında təbii müalicə ehtiyatları və kurortlarla bağlı münasibətlərin ayrıca sahə qanunu ilə tənzimlənməsi zərurəti vardır. Bu baxımdan belə bir qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını alqışlayıram. Bunun konseptual baxımdan qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da belə analoji addım atmağa dəvət edirəm.
Qanun layihəsi hörmətli Hadi müəllim tərəfindən geniş şərh olundu. Mənim sırf qanun yaradıcılığı texnologiyası baxımından bir neçə təklifim var. Birinci təklifim bu qanunun 1-ci maddəsindəki anlayışlarla bağlıdır. Layihənin 1.0.2-ci maddəsində “kurort yerləri” anlayışı verilib, amma bu layihənin mətnində bir dəfə də olsun “kurort yerləri” sözlərindən istifadə olunmur. Əgər bu anlayışdan istifadə olunmayacaqsa, bunun “Əsas anlayışlar” maddəsinə salınmasına heç bir ehtiyac yoxdur.
İkinci təklifim ondan ibarətdir ki, bu layihədə dəfələrlə “sanatoriya” sözündən istifadə olunur, amma “sanatoriya” sözünün özü də anlayış kimi ora daxil edilməyib və izahı verilməyib. 1.0.6-cı maddədə “kurort bölgəsi” anlayışının izahında yazılır: “sanatoriya mühafizə zonası ilə birləşən sıx şəkildə yerləşmiş kurort ərazisi”. Söz yığımından ibarət olan bu izahat daha yaxşı, daha başa düşülən tərzdə yazılmalıdır.
Başqa bir təklifim 10-cu maddəyə aiddir. Burada təbii müalicə ehtiyatlarından istifadə hüququnun məhdudlaşdırılması, dayandırılması və ləğv edilməsi barədə danışılır. Müəyyən zaman kəsiyi müddətində istifadə olunan hüquq gələcəkdə istifadə edilməni istisna edən formada kəsilirsə, mülki hüququn tələblərinə görə bu, xitam olunmalıdır. Çünki hüququn olması tamam başqa şeydir. Bu qayda mülki hüquqda geniş şərh olunubdur. Mən təklif edirəm ki, “hüququn ləğv olunması” yox, “hüququn xitam olunması” formasında yazılsın.
Layihənin 7-ci maddəsində təbii müalicə ehtiyatları üzərində mülkiyyətdən danışılır. Burada yazılır: “Azərbaycan Respublikasının ərazisində təbii müalicə ehtiyatları hər hansı hüquqi və fiziki şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz”. Mən təklif edirəm ki, bu maddə bir az genişləndirilib daha əhatəli yazılsın. Məsələn, belə məsələlər də orada tənzimlənsəydi, yaxşı olardı: “özəl mülkiyyətdə olan torpaq sahəsində təbii müalicə ehtiyatları aşkarlanır”. Sözsüz ki, təbii müalicə ehtiyatları dövlətin xüsusi mülkiyyətindədir və o, özgəninkiləşdirilə bilməz, amma torpaq özəl mülkiyyətdədir. Yaxud da ki, təbii müalicə ehtiyatları aşkarlanan ərazinin bilavasitə yaxınlığında kurortun fəaliyyət göstərməsini istisna edən sənaye və emal müəssisələri var, özəl mülkiyyətdədir. Bu məsələ də tənzimlənməli idi. Bu gün qanunvericilikdə bu formada mülkiyyətlərin və torpaq sahələrinin dövlətin ehtiyacları üçün alınması nizamlanır. Mən hesab edirəm ki, qanunların uzlaşdırılması baxımından bu maddənin yenidən yazılmasına və tənzimlənmənin əhatəli şəkildə şərh olunmasına ehtiyac duyulur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Məjlum Şükürov, buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlarım, mən də ölkənin davamlı inkişafında mühüm rol oynayacaq bu sahə üçün belə bir qanunvericiliyi və azad siyasətin formalaşdırılmasını zəruri hesab edirəm. Hadi müəllim qanunla bağlı ətraflı şərh verdi. Mən konkret olaraq bir neçə məqamlara diqqətinizi cəlb etmək istəyirəm.
1-ci maddədə sanatoriya və kurort obyektlərinin yerli, respublika və beynəlxalq əhəmiyyətli obyektlərə bölünməsinə, belə bir diferensiasiyanın aparılmasına nə dərəcədə ehtiyac var. Hansı meyardan belə bir bölgü aparmaq mümkün olar? Bu obyektlər yerli insanların, bizim öz vətəndaşlarımızın maraqları dairəsində istirahət etmək və ya müalicə olunmaq üçündürsə, buna əcnəbilərin nə dərəcədə maraq göstərməsi məsələsi necə nizamlanmalıdır? Yəqin, razılaşarsınız ki, bəlkə də belə bir kurort sisteminin yenicə formalaşması ərəfəsində onlar yalnız öz ölkələrində məşhurlaşa bilərlər. Belə bir obyekt inkişaf etdikcə, onun təşkilatçılarının fəaliyyətindən asılı olaraq, artıq əcnəbilərin də, başqa ölkə vətəndaşlarının da maraqları dairəsində ola bilər. Ona görə də hesab edirəm ki, belə bir bölgüyə yenə diqqət yetirmək lazımdır.
İkinci bir məqam. Xarici ölkələrdə yerli özünüidarəetmələrin, xüsusi ilə bələdiyyələrin bir çox əsas maliyyə mənbələri onların ərazisində yerləşən belə obyektlərin fəaliyyətindən irəli gəlir. Qanun layihəsində, düzdür, 5-ci maddədə yerli özünüidarəetmə orqanlarının belə kurortların, yəni sanatoriya obyektlərinin fəaliyyətindəki rolu qeyd olunubdur. Amma hər halda maliyyə nöqteyi-nəzərindən bələdiyyələrin, yerli özünüidarəetmələrin buradan hansı dərəcədə bəhrələnəcəkləri açıq şəkildə göstərilmir.
Digər bir məqam yenə də yerli əhəmiyyətli kurortlarla bağlıdır. 5 və 6-cı maddələrdə xatırlanır ki, yerli əhəmiyyətli kurortların fəaliyyəti yerli icra hakimiyyətləri tərəfindən tənzimlənir. Mənə elə gəlir ki, bu fəaliyyət, ümumiyyətlə, bütün fəaliyyətlər qanunla tənzimlənməlidir. Mən istərdim ki, komissiya bu məqamlara ikinci oxunuşda diqqət yetirsin. Konseptual baxımdan bu qanun layihəsini çox əhəmiyyətli hesab edirəm. Ən başlıcası qanun layihəsi çox yığcamdır, yəni işlək formadadır. Bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Məjlum müəllim. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu qanun layihəsi ilə əlaqədar Hadi müəllim geniş məlumat verdi, Səttar müəllimin də verdiyi məlumat bizə Azərbaycanda kurort yerləri ilə bağlı ətraflı bilgi verdi. Mən bu qanunun bir prinsipial məqamına toxunacağam. Təbii ki, bu qanun vacib və lazımdır. Layihə yaxşı hazırlanıbdır, onu birinci oxunuşda qəbul etmək olar. Amma burada iki məsələ var.
Bu qanun bir məsələni həll etməli idi ki, kurort ərazisinin tanınması bu qanunda necə tənzimlənəcək? Çox təəssüf ki, qanun layihəsi bunu həll etmir, bunu müvafiq icra hakimiyyətinə apellyasiyaya verir.
Burada əsas mübahisəli məsələlərdən biri məlum deyil. Bilinmir ki, dediyimiz ərazini kim tanıyacaq, kim müəyyənləşdirəcək ki, bura kurort ərazisidir, ya kurort ərazisi deyil? Düzdür, burada yazılıb ki, xüsusi tibbi, bioloji tədqiqatlar gedəcək. Amma mənə elə gəlir ki, biz bu qanunda aydın yazmalıyıq ki, bu, hansısa icra hakimiyyətinə sui-istifadə halları üçün şərait yaratmasın. Qanun bunu gərək elə tənzimləsin ki, oranı kurort kimi tanımaq olsun.
Bir prinsipial məsələ də var. Respublika əhəmiyyətli kurortların yerli özünüidarə orqanları tərəfindən tanınması səlahiyyətini qanunla onlara versək, istənilən kənd kurort elan olunacaq. Baxın, bu qorxu var. Bunu, xahiş edirəm, nəzərə alaq.
Hər bir yerli özünüidarə orqanına desən ki, sən kurortu müəyyənləşdir, düzdür, müvafiq icra hakimiyyəti reyestr aparacaq, bunların elə hamısı yazacaq ki, mənim ərazim kurorta yararlıdır. Bunu mərkəzləşdirmək lazımdır. Yaxşı olar ki, tanınma məsələsi qanunda hansı formadasa öz əksini tapsın və bir az da çətinləşsin. Yoxsa harada palçıq var, su çıxır, onu kurort materialı kimi təbliğ etməyə başlayacaqlar. Bunun da əhəmiyyəti olmayacaq. Kurort yalnız iqtisadi xarakter kəsb edən məsələ deyil, eyni zamanda, Azərbaycan üçün siyasi, ideoloji xarakterli bir fəaliyyət sahəsidir. Çünki Azərbaycan ərazisinin nə qədər layiqli yeri dünyaya tanıdılsa, bu, Azərbaycana turist axınını sürətləndirər. Eyni zamanda, bizə beynəlxalq aləmdə düşmənlərimizlə apardığımız mübarizədə də bəzi üstünlüklər verə bilər. Beləliklə, Azərbaycanın tanıdılması, həm iqtisadi, həm də buradan gəlir əldə edilməsi baxımından xeyir gətirər, çox böyük rol oynaya bilər. Təsadüfi deyil ki, Prezidentin həmin proqramla bağlı imzaladığı sənəddə bu çox aydın şəkildə öz əksini tapır. Mən istərdim ki, bu məsələlərə Hadi müəllim tərəfindən aydınlıq gətirilsin. Mümkünsə, gələcəkdə bunlara bir az da ətraflı baxılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Mübariz müəllim. Musa Quliyev.
M. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən çıxışıma həmkarım, dostum Mübariz Qurbanlının qaldırdığı məsələyə oponent fikri ilə başlamaq istəyirəm. Mübariz müəllim, bunun nəyi pisdir ki, Azərbaycanın hər bir şəhəri, kəndi kurort kimi tanınsın. Hər kənddə, şəhərdə kurort imkanları aşkar olunarsa, onu kurort səviyyəsinə qaldırmağın nəyi pisdir? Mən çox arzulayardım ki, Azərbaycanın bütün yerləri kurort olsun. O ki qaldı Azərbaycanın yerləşdiyi coğrafi məkana, mən bir həkim olaraq deyirəm ki, bizdə, demək olar ki, bütün xəstəliklərin kurort və təbii üsullarla müalicəsi üçün imkan və şərait var. Ürək-damar, böyrək, mədə-bağırsaq sisteminin sağalması üçün Azərbaycanda hər cür təbii və müalicəvi ehtiyatlar mövcuddur. Qumumuz, dənizimiz, bulaqlarımız, yerdən çıxan mineral sularımız, palçıq və dünyada analoqu olmayan unikal Naftalan mazı çox qiymətlidir. Sadəcə, bunlara bir hüquqi əsas yaratmaq, onu sistemə salmaq lazımdır. Azərbaycanda müasir kurort bazasının əsasını qoymaq, onu möhkəmləndirmək lazımdır. Sovet hökuməti vaxtında yaxşı, pis, kurort işi Azərbaycanda inkişaf etmişdir. Təəssüf ki, Sovet hökuməti iflasa uğrayandan sonra qazandıqlarımızın bir çoxu dağıldı. O cümlədən də bu iş 1993-cü ildən etibarən yavaş-yavaş yoluna düşməyə başladı.
Burada hörmətli həmkarımız Səttar Möhbalıyevin xüsusi zəhmətini, əməyini qeyd etmək istəyirəm. Həmkarlarımın rolunu danmaq olmaz. Çünki onların sayəsində kurort işi Azərbaycanda qorunub saxlanıldı. Lakin indi o işin daha da genişləndirilməsi, bərpa olunması və yeni əsaslar üzərində müasir kurort bazasının yaradılması çox vacib məsələdir. Azərbaycan vətəndaşları müalicə olunmaq, istirahət etmək üçün niyə Şimali Qafqaza getməlidirlər? Qoy oradan bura gəlsinlər. Bizim dünyanın hər yerindən Azərbaycana turist axınını bərpa etmək imkanımız da var.
Krımda palçıqla müalicə edən bir sanatoriya var. Mən nazirlikdə işləyəndə Qarabağ əlillərini müalicə olunmaq üçün oraya aparır, özüm də onlarla qalırdım. Mənə ruslar, ukraynalılar yaxınlaşıb deyirdilər ki, Naftalan necədir, ora yenə gəlmək olarmı? Naftalan ola-ola niyə bura gəlirsiniz? Ötən əsrin 90-cı illərində yaranmış şərait, Naftalanın müharibə bölgəsinə düşməsi, qaçqın bacı-qardaşlarımızın orada müvəqqəti məskunlaşması bu məşhur sanatoriyanın fəaliyyətini iflic elədi. Düşünürəm ki, bu qanundan və cənab Prezidentin qanunun tətbiqi ilə əlaqədar verəcəyi sərəncamdan sonra, Naftalan kurortu da özünün ikinci həyatına, yəqin ki, vəsiqə alacaq.
Qanun layihəsini komissiyada dəfələrlə müzakirə etmişik. Ancaq bəzi məsələlər var ki, ümumiyyətlə, deputatlarımızın bu məsələlər barədə məlumatı olmalıdır. Onların komissiyaya kömək etməyi çox lazımdır. Məsələn, kurort işinin maliyyələşdirilməsi ilə bağlı müddəaların dəqiqləşdirilməsinə ciddi ehtiyac vardır. Müəyyən mənada 11-ci maddədə bu məsələni göstərmişik, lakin həmkarlar ittifaqlarının tərkibində, sahibkarların özəl qurumlarında, dövlətin mülkiyyətində kurortlar ola bilər. Bunların maliyyələşməsi necə olacaqdır? Dövlətdən, yoxsa ayrı-ayrı mənbələrdən? Bu məsələlər, düşünürəm ki, layihədə öz əksini tapmalıdır. Hörmətli Səttar müəllimin qeyd etdiyi kimi, buraya mütləq bir müddəa əlavə etməliyik. Ümumiyyətlə, kurort işinin inkişafı üçün stimullaşdırıcı tədbirlər, müəyyən güzəştlər, imtiyazlar olmalıdır. Azərbaycanda beynəlxalq əhəmiyyətli kurortlar yaradılmalıdır. Mənim bir fikrim də Naftalan nefti ilə bağlıdır. Buraya belə bir müddəa salmaq lazımdır ki, Naftalan nefti, doğrudan da, dünyada analoqu olmayan və Azərbaycanın neftindən də qiymətli bir sərvətdir. Odur ki, qanuna Naftalan neftinin hər hansı şəkildə, xammal şəklində Azərbaycandan kənara çıxarılmasını qadağan edən bir müddəa əlavə etməliyik. Qoy Naftalan nefti burada istehsal olunsun, dərman vasitəsi kimi satılsın və bizə qazanc gətirsin. Amma Azərbaycan xalqına məxsus olan bir sərvəti xammal kimi xaricə aparmağa, satmağa qanunla birdəfəlik son qoymalıyıq. Konseptual baxımdan qanun layihəsi bitkindir. Deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Burada söyləniləcək bütün tənqidi fikirlərə, iradlara, təkliflərə komissiyada yenidən baxılacaq və sənəd daha təkmil şəkildə ikinci oxunuşa təqdim ediləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əlbəttə, mən belə bir qanun layihəsinin müzakirə edilib qəbul edilməsinin və qüvvəyə minməsinin tərəfdarlarından biriyəm. Mənə belə gəlir ki, hələ bu qanun layihəsi bir az da gecikibdir. Bunu daha öncə hazırlayıb, müzakirəyə təqdim etmək lazım idi. Əgər qanun tez qəbul olunsaydı, çox güman ki, 1.0.1-ci maddədə “müalicəvi iqlim və çimərliklər” anlayışları sual doğurmazdı. Çünki müalicəvi iqlim olan yerlərdə artıq müxtəlif restoranlar, əyləncə mərkəzləri açılıbdır. Xəzər dənizinin sahillərində, ümumiyyətlə, yer qalmayıb. Əgər kim isə gedib çimərlikdə günəş vannası qəbul etmək istəsə, cibinə bir 50 manat qoymalıdır ki, orada bir-iki saat istirahət edə bilsin. Ona görə də biz bunu gərək zamanında, vaxtında qəbul edəydik. Ən azı bu gün dövlətin səlahiyyətlərində ola biləcək müalicəvi-profilaktik xarakter daşıyan sanatoriyaların və kurortların yerləşə biləcəyi yerlər olmalıdır. Onlar varmı, qalıbmı?
Bir faktı demək istəyirəm. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının ixtiyarında Bilgəhdə sanatoriya var. Ora yollayış alandan sonra artıq həm həkimlərin nəzarəti altında müalicə olunur, həm qidalanır, həm də heç bir məhdudiyyət olmadan dəniz sahilində günəş vannasını qəbul edirsən. Konfederasiyanın vermiş olduğu yollayışların 30 faizi tam ödənilir, qalanları isə həmkarlar ittifaqı hesabına verilir. Buyurun, indi bununla Xəzər dənizi sahilini özünün dədə-baba yurdu kimi hasara alıb, orada nə istəsə tikənləri, gəlin, müqayisə edək. Doğrudan da, təzadlı reallıq üzə çıxır. Görəsən, bu qanun qüvvəyə mindikdən sonra yenidən o yerlərə müdaxilə etmək mümkün olacaqmı? Düşünürəm ki, bu, çox problemli məsələdir.
Hörmətli Hadi müəllim, təbii ki, fikrimi əvvəldən söylədim. Belə bir qanun layihəsinin qəbul edilməsinin tam tərəfdarıyam. Lakin bəri başdan onu da deyim ki, qanun layihəsi müzakirəyə hazır deyil. Yetərincə çiy qanundur. Bunu Rafael müəllim də dedi. Mən də o fikri bir az inkişaf etdirib demək istəyirəm ki, əsas anlayışlarla qanunun izahında böyük fərqlər və ziddiyyətlər var. Çoxları açılmayıb.
Biz əgər belə bir qanunu müzakirə predmeti olaraq qəbul etsək, düşünmürəm ki, ikinci və üçüncü oxunuşlarda bunu kifayət qədər cilalaya biləcəyik. Bu cür çiy qanunu ölkə Prezidentinin imzasına təqdim etmək çox böyük biabırçılıq olardı. Bir daha Hadi müəllimin əməyini yüksək qiymətləndirirəm. Lakin mən düşünürəm ki, bu qanun layihəsi tam hazırlanmalı, yenidən müzakirəyə təqdim olunmalıdır. Çünki son dərəcə vacib qanundur.
Burada Səttar müəllimin dedikləri ilə mən tam razıyam. Nəyə görə ayrı-ayrı sanatoriyalar üçün özəlləşmə olmasın. Bəli, Naftalan nefti dövlətin sərvətidir. Bu ərazidə hər hansı bir adam müalicə obyekti açırsa, buna nə üçün icazə verilməməlidir. Bunlar, məsələn, burada yoxdur. Yəni müalicə xarakterli yerlərin özəlləşdirilməsi üçün bu qanunda müddəalar öz ifadəsini hökmən tapmalıdır. Çünki bizdə artıq strateji istiqamət buna doğrudur və dünyanın da təcrübəsi deyilənə sübutdur.
Mən belə bir fikirlə də şərikəm ki, Azərbaycan yeganə, bəlkə də dünyanın unikal ölkələrindən biridir. Burada təbii yolla istənilən xəstəliklərin müalicəsi mümkündür. Lakin bunun üçün bizim hələlik, çox təəssüf ki, qanunverici bazamız yoxdur.
11-ci maddədə qəribə ziddiyyət var. Göstərilir ki, kurortların maliyyələşdirilməsi dövlət və yerli büdcənin hesabına olmalıdır. Nə üçün? Orada su, kanalizasiya, elektrik enerjisi, televizor, nəqliyyat və sair məsələlər öz ifadəsini tapıbdır. Əgər o xüsusidirsə, onda nəyə görə bunu dövlət maliyyələşdirməlidir? Bu məsələlər yenə də açıq qalır. Çox mühüm bir qanun cəmi 3 vərəqdə yerləşdirilib. Onun səhifə yarımı anlayışlar, iki səhifəsi isə yekun müddəalarıdır. Beləliklə, bu dərəcədə mühüm bir qanun təəssüf ki, əsas məqsədi tam əhatə etmir.
Burada deyildiyi kimi, “Sanatoriya-kurort təşkilatlarının mülkiyyəti və ondan istifadə qaydaları” adlanan 12 maddədə sanatoriya-kurortdan söhbət gedir, onun qaydalarının açılmasına cəhd göstərilir. Lakin “Əsas anlayışlar”da yoxdur, bilinmir ki, sanatoriya nədir? Kurort nə deməkdir, o da tam açılmayıbdır. Bunların hamısı “Əsas anlayışlar”da verilməli idi. Ayrı-ayrılıqda onların hüquqları, səlahiyyətləri, vəzifələri, qanunvericilik çərçivəsində digər məsələlər də burada öz əksini tapmalı idi. Ümidvaram ki, Hadi müəllim mənim bu xeyirxah məqsəd güdən fikrimi düzgün qəbul edəcək. Onun təqdim etdiyi qanun layihələri həmişə aktual olub. Bu baxımdan onu alqışlayıram. Lakin arzu edərdim ki, hörmətli həmkarım mənim fikirlərimi səmimi qəbul etsin və bu qanun üzərində mükəmməl işləmək təşəbbüsündə olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Birinci oxunuşda təqdim olunmuş qanun layihəsi vacib və zəruridir. Onu indi, ümumilikdə, konseptual baxımdan müzakirə edirik. Gələcək oxunuşlarda, yəqin ki, təkmilləşəcəkdir. Bu gün dünyanın hər yerində aktual sayılan təbii üsullarla insanların müalicə olunması və bunlardan istifadə qaydaları çox vacib amildir.
Mənim bir sıra təkliflərim var. Qanun üzərində ikinci oxunuşa qədər işlər getməlidir. Birinci, mən mülkiyyət məsələlərindən başlayıram. Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyətin 3 forması müəyyənləşdirilibdir. Dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, şəxsi mülkiyyət var. 7-ci maddədə yazılır ki, fiziki və hüquqi şəxslərin mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz. Yaxşı, biz Konstitusiyada müddəa göstərmişik. Bir adam da götürüb və ya çoxdan götürüb özəlləşdirmə sənədini qoyub cibinə. Biz vətəndaşa deyirik ki, bu səninki deyil, dövlətindir. Mülkiyyət üzərində də 3 hüquq var: sahiblik, istifadə, sərəncam. Biz isə buna istifadədən başqa sahiblik və sərəncam hüququ vermirik. Yəni o bunu kimə isə bağışlaya, vərəsəlik qaydasında övladına ötürə, sata bilməz və sair. Onda bunun işləmə mexanizmi hansı qaydada olur?
Dünyanın hər yerində belə sahələrdə dövlətlə yanaşı, özəl mülkiyyətin xüsusi rol oynaması vacib şərtdir. Məsələn, götürək qardaş Türkiyəni. Orada müalicə yerlərini, sanatoriyaları biri tikir, 5 ildən sonra onu, tutalım ki, başqa birinə satır. O da gəlir, bir müddət istifadə edir, sonra istədiyi digər şəxsə satır. Yəni bu müddəaları burada saxlamalıyıq, göstərməliyik və buna həvəs yaratmalıyıq. Biz sahibkarın qolunu bağlaya və deyə bilmərik ki, gəlib burada heç nəyi tikmə. Təbii ki, nəzarət mexanizmi dövlətin əlində olur. Amma eyni zamanda, bundan istifadə, mən elə bilirəm ki, tam onun ixtiyarında olmalıdır. Bu, atom bombası deyil ki, götürə apara, təhlükə törədə. Ona görə də Naftalandan da, Duzdağından da, Sirabdan da istifadə hüququ olduğu kimi, həmçinin onlardan özəl fəaliyyət kimi istifadə etmək də olmalıdır. Bu, zəruridir və dövlətimizin prinsipi bundan ibarətdir. Mülkiyyət ümumi ola bilməz, onun növlərində dediyim öz əksini tapır.
Qanunda həddindən artıq istinadlar var. Müvafiq icra hakimiyyəti bunu həll edəcək. Deməli, hər üç abzasdan bir, müvafiq icra hakimiyyətinə bir bəndi həvalə edirik. Buna həvalə ediriksə, onda biz bunu nəyə görə qəbul edirik? Əgər o bunu həll edəcəksə, bəs biz nəyi həll edirik? Bunlar dəqiqləşməli, konkretləşməlidir. Bir müddəada ola bilər ki, hansısa məsələdən irəli gələnləri müvafiq icra hakimiyyəti həll etsin. Amma bütün maddələrdə ona istixarə etmək doğru deyil.
Sonra, bunun maliyyələşmə məsələsini deputat həmkarlarımız qeyd etdilər. Bu gün Azərbaycanda, doğrudan da, bu sahədə işlər həddindən artıq çox zəif təşkil olunur. Azərbaycan vətəndaşları orta hesabla ildə təxminən 1 milyard ABŞ dolları qədər xərc çəkir, başqa ölkələrin ərazilərində istirahət edirlər. Yay vaxtı hava nəqliyyatı çatışmır, yer tapmaq mümkün olmur. Birinci, bu yolla ölkənin daxilindən pullar başqa yerlərə axır. İkinci, yeni iş yerlərinin açılması və xarici turistlərin bura cəlb olunması üçün çox ciddi addımlar atmaq lazımdır. Bələdiyyə özünə bina tikə bilmir. Dünya səviyyəsində xarici turisti cəlb etməyə, orada nə isə yaratmağa bələdiyyənin gücü çatmır. Tutalım ki, bir kənddə mineral su çıxır və ya mineral müalicə məntəqəsi, 3 nəfər də bələdiyyə üzvü var, büdcəsi də 1–2 min manatdır. Bu gəlib o məbləğlə hər hansı bir beynəlxalq səviyyəli sanatoriya, müalicə mərkəzi tikə bilər? Xeyr, mümkün deyil. Biz isə o səlahiyyəti bələdiyyəyə vermişik. Respublika bələdiyyələrinin hamısı birləşsə belə, bir müəssisənin nəzərdə tutduğumuz səviyyədə inşa edilməsinə kömək göstərə bilməz.
Fəzail müəllim dəniz kənarında olan məsələlərə toxundu. Biz qanun qəbul etmişik ki, 150 metrlik məsafə olmalıdır. İndi nəinki 150 metrlik məsafə qoyurlar, hətta girirlər dənizə və bir 200 metr də suların içinə yol salırlar. Özü də bunu bizim qəbul etdiyimiz qanundan sonra edirlər. Əgər bu qanunu da qəbul edib onun kökünə salacağıqsa, onda bunun müzakirə və təsdiqinə heç bir ehtiyac yoxdur.
Sədrlik edən. Siyavuş müəllim, dənizin səviyyəsi qalxır, özü həll edəcək bu məsələni.
S. Novruzov. İnşallah! Amma bununla yanaşı, yenə nəzərdə tutmaq lazımdır. Dünyanın bir çox yerlərində bunlar bir-iki istiqamətdə inkişaf edir.
Məsələn, mən Türkiyəni götürürəm, özəl olmaqla yanaşı, dövlətin və ya vətəndaşların istifadəsi üçün də yerlər müəyyənləşdirilib. Bunlara bələdiyyələr kömək edir, təmizlik işlərinə baxır və sair. Yəni vətəndaş istifadə hüququndan sərbəst şəkildə istifadə edə bilir. Kimin pulu çoxdur, kimin cibi qalındır, daha yaxşı yerdə gedib istirahət edir. O birinin cibi bir az nazikdir, bir az başqa tərəfdə maliyyəsinə uyğun gününü keçirir. Bunlar hamısı müəyyənləşdirilməlidir, qruplaşdırılmalıdır. Mən bu məsələdə dövlətlə yanaşı, özəl müəssisələrin də roluna xüsusi diqqət verilməsinin tərəfdarıyam. Sizi qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov.
V. Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Belə bir qanuna, əlbəttə ki, ehtiyac var. Ancaq məsələ çox ciddi olduğuna görə, qanun hərtərəfli, əhatəli işlənilməlidir. İstiqamət göstərməklə, təməl daşlarını qoymaqla məsələni məhdudlaşdırmaq olmaz. Ona görə də konseptual fikir, ideya olaraq bu qanun layihəsi bəyənilməlidir. Ancaq bunun üzərində çox işləmək lazımdır. Bəlkə mən də bəzi həmkarların dediklərini təkrarlayacağam. Buna baxmayaraq, bir neçə önəmli məsələyə diqqətinizi yenidən cəlb etmək istəyirəm.
Mülkiyyət bugünkü cəmiyyətdə ən önəmli məsələlərdən biridir. Əgər bu məsələlər qanunda xırdalığı, bütün detalları ilə tənzimlənməsə, sanatoriya, kurort və sair dediyiniz sahə inkişaf etməyəcək. Ora dava-qırğın sahəsi olacaq, ya da ki, başqa xoşagəlməyən hallar baş verəcəkdir.
Qanun layihəsində mülkiyyət məsələləri çox sadə şəkildə, Siyavuş müəllimin dediyi kimi, hər dəfə müvafiq icra hakimiyyəti orqanına göndərməklə məhdudlaşıb. Mənim fikrimcə, elə olmalı deyil. Qanun qanundursa, onda birinci növbədə mülkiyyət məsələləri çox ciddi şəkildə qoyulmalıdır. Mülkiyyət məsələləri işləniləndə ayrı-ayrı standartlar olaraq sahibkarlıq məsələlərinə diqqət yetirilməlidir.
Torpaq dövlətindir, bəli, dövlət bunu kirayəyə verə bilər, sata bilər, sahibkarlığa ayıra bilər. Bunların hamısını bir-bir, məsələn, təbii ehtiyatın özünü, torpağı, tikililəri, sahibkarlığı, onlardan istifadəni, sərəncam verməyi kimə isə verəndə necə olacaq? Sabah o, binanı sata bilər. Bəs torpağı necə, orada yerləşən bulağı necə? Mənim təklifim bundan ibarətdir ki, sahibkarlıq, istifadə etmək və sərəncam vermək hüquqları cəmləşib, mülkiyyət hüquqları olaraq, çox geniş, çox dəqiq işlənilməlidir. Belə olmasa, bu qanun işləməyəcəkdir. Əsas anlayışlar, mən də belə hesab edirəm, daha geniş, daha dəqiq şəkildə verilməlidir. Konseptual olaraq respublika və yerli əhəmiyyətli kurort arasında hansı fərq var? İstifadə edən, əgər ehtiyacı varsa, yerli və ya respublika əhəmiyyətli olduğuna baxmayacaq. Əgər bunlarda standartlar fərqlidirsə, yerli əhəmiyyətli kurortda, üzr istəyirəm, dünənki qatığı, respublika əhəmiyyətli kurortda isə bugünkünü vermək olar. Onda bunu da qeyd etmək lazımdır. Yox, əgər belə deyilsə, onda bunların arasında heç bir fərq olmamalıdır.
Bəzi bəndlərə nəzər yetirərək konseptual məsələlərə toxunmaq istəyirəm. 4-cü maddədə, məsələn, dövlətin səlahiyyətləri sadalanır. Burada kurort fondunun genişləndirilməsi məqsədi ilə elmi tədqiqatlar aparmaq və ondan istifadənin səmərəliliyini artırmaq var. Əgər özəl, şəxsi mülkiyyətdə olan müəssisədirsə, dövlət o kurortda nə tədqiqat aparmalıdır və onun səmərəliliyini necə artırmalıdır? Ola bilsin ki, tədqiqatların nəticəsini tətbiq etmək dövlətin səlahiyyətidir. Ancaq dövləti belə şeylərlə, o cümlədən maliyyələşdirmə ilə yükləmək doğru deyil.
Köhnə sistemə qayıdırıqsa, onda birdəfəlik elan edək ki, bundan sonra kurortlar ancaq dövlət tərəfindən seçiləcək, tikiləcək, maliyyələşdiriləcək, istifadə olunacaq, işlədiləcək və sair. Belə deyilsə, onda maliyyələşdirməyə də başqa cür baxılmalıdır. Kurortların qorunması və inkişafını stimullaşdırmaq məqsədi ilə viza, vergi, gömrük və investisiya müəyyən etmək lazımdır. Kreditləri də bu məqsədlə verək. Əgər investisiya güzəştlərini müəyyən etmək ixtiyarı, səlahiyyəti varsa, bura hər şey daxildir. Amma bu başdan güzəştli kredit verməyi bura əlavə etməliyikmi? Bəlkə dövlət vermək istəməyəcəkdir? Bütün bu məsələləri bir cümlə ilə – “dövlət investisiya güzəştlərini müəyyən edir” kimi yazmaq kifayətdir. Oraya vergi, gömrük, emiqrasiya, kredit məsələləri də daxil ola bilər. Bununla bərabər əgər dövlət güzəşt verirsə, təkcə güzəştləri yox, məhdudiyyətləri də göstərmək lazımdır. Onda dövlətin səlahiyyətləri artmalıdır. Güzəşt verən dövlətin ixtiyarı olmalıdır ki, məhdudiyyətləri tətbiq etsin, tələblər qoysun. Yoxsa birtərəfli hərəkət etmək olmaz.
11-ci maddə “Kurortların maliyyələşmə mənbələri” adlanır. “Kurortların maliyyələşməsi, o cümlədən nəqliyyat, kanalizasiya sistemi, su təchizatı...” Mən belə başa düşürəm ki, bunları dövlətin boynuna qoymaq istəyirlər. Mənim fikrimcə, belə olmamalıdır. Dövlət yardım edə, şərait yarada, ya da bu gün həmkarların mülkiyyətində, qeydiyyatında olan kurortların, müəssisələrin özəlləşdirilməsinə icazə verə bilər.
Mülkiyyət məsələsinə bir də qayıtmaq istəyirəm. 12.1-ci maddəyə baxın: “qanunvericiliyə uyğun olaraq torpaq sahələri və digər təbii ehtiyatlar verilir”. “Verilir” nə deməkdir? Hüquqi cəhətdən bu nə deməkdir? Mülkiyyətə, kirayəyə, istifadəyə, sərəncama hüquq verməkdir? Müzakirə obyekti konseptual məsələlər olduğuna görə, xahiş edirəm, ikinci oxunuşa hazırlayanda qoy daha ciddi, daha dəqiq, standartlara uyğun məsələlər burada öz əksini tapsın. Çox ciddi sahə olduğuna görə buna diqqətlə yanaşmaq lazımdır. Turizmlə bu fəaliyyətin arasında fərq nədən ibarətdir? Əgər elə bir fərq varsa, onu burada göstərmək lazımdır ki, sabah həm o tərəflik, həm də bu tərəflik olmasın. “Şap elə bilməsin ki, şupdadır, şup elə bilməsin ki, şapdadır”. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Hörmətli deputatlar! Bayaq mən qeyd etdim, bizim bugünkü iclasımızda qonaqlarımız iştirak edirlər. Əgər etiraz etmirsinizsə, mən sözü Tibbi Reabilitasiya Elmi Tədqiqat İnstitutunun direktoru, professor Əlişir Musayevə verirəm. Onun fikirlərini eşitmək maraqlı olardı. Buyurun.
Ə. Musayev, Tibbi Reabilitasiya Elmi Tədqiqat İnstitutunun direktoru.
Hörmətli Ziyafət müəllim, dəvətinizə və söz verdiyinizə görə təşəkkür edirəm. İki hissədən ibarət olan bu qanun Azərbaycan dövləti, xalqımız üçün çox vacibdir. Təbii müalicə ehtiyatları və kurortlar bir-biri ilə sıx bağlıdır. Ona görə burada bir qanun çərçivəsində gedir.
Mən bir mütəxəssis kimi hesab edirəm ki, Təbii müalicə ehtiyatları və kurortlar haqqında qanun layihəsi Hadi müəllimin təqdimatında da göründü, böyük əhəmiyyət kəsb edir. Siz bilirsiniz ki, Azərbaycan müalicə ehtiyatlarına görə dünyada birinci yerlərdən birini tutur. Müalicəvi iqlim, mineral sular, palçıqlar, Naftalan nefti və sairi, əslində, sadalamağa ehtiyac yoxdur. Bütün çıxışlarda bunların adı çəkildi. Ancaq əsas məsələ ondan ibarətdir ki, bunların mühafizəsi, qorunması və istifadəsi üçün tənzimləyici bir qanun olmalıdır ki, onu siz bu gün müzakirə edirsiniz.
Möhtərəm Prezidentimiz cari ilin əvvəllərində və bu yaxınlarda Azərbaycanın kurortları, palçıq vulkanlarının qorunması haqqında Dövlət Proqramının hazırlanması barədə fərmanlar imzalayıbdır. Prezident fərmanlarının özü də göstərir ki, biz nə qədər vacib bir məsələyə toxunuruq. Bu gün müalicəvi palçıq ehtiyatına malik Masazır gölü artıq təhlükə altındadır. Keyfiyyətinə, əhəmiyyətinə görə o palçıq dünyada birinci yeri tutur. Bu günə kimi heç bir qanunun tənzimləmədiyi o göl, eşitdiyimizə görə, xarici investorlara satılıbdır. Orada duz zavodu yaradılacaq. Ancaq müalicəvi əhəmiyyətinə görə o palçıq gölü qorunmalıdır, bizə həmin palçıq böyük fayda verərdi. Oranın reabilitasiya mərkəzlərində, müalicəxanalarda istifadə edilmək üçün yetərli qədər keyfiyyətli müalicə palçığı var. Bu palçıq MDB məkanında olan kurortların palçığından daha üstün keyfiyyətlərə malikdir. Bu qanun qəbul olunandan sonra o məsələ, yəqin ki, tənzimlənəcək.
Naftalan haqqında söhbət getdi. Səttar müəllim də çıxışında qeyd etdi ki, Naftalan neftini xaricə aparırlar. Moskva, Sankt-Peterburq ətrafında Naftalan müalicəxanası tikilibdir, Moskvanın, Krasnodarın klinikalarına Naftalan palçığı haradan gedir? Əksəriyyəti Bakıdan gedir. Bəziləri deyir, istifadə olunmuş neftdir, digərləri də deyir ki, təzə Naftalan neftidir. Biz isə onu deyə bilmərik ki, nədir. Ancaq bugünkü zamanda Naftalan neftinin sahibi kimdir? Yəqin ki, Neft Şirkətidir. Onu necə aparırlar? Onu qoruyan, onu tənzimləyən bir qanun lazımdır ki, Azərbaycanın bu qiymətli məmulatı xaricə çıxmasın. Bunun xammal kimi aparılması qadağan olunmalıdır.
Naftalan müalicə preparatları xaricə dövlət səviyyəsində, qanuna uyğun şəkildə, rəsmi icazə ilə satılmalıdır. Kurortlar çox vacib obyektlərdir. Azərbaycanda kurort yerlərinin sayı həddindən artıq çoxdur. Biz bu qanunu işləyərkən kurort yerləri, yerli əhəmiyyətli kurort, respublika əhəmiyyətli kurort anlayışlarına baxdıqda, çalışmışıq ki, kurortları bütün şəraitinə görə nəzərə alaq. Kurort, sanatoriya eyni anlayışlar deyil. Kurort ərazisi, sanatoriya orada olan müalicəxanadır, tikintidir. Bunları fərqləndirən cəhətlərdən biri də odur ki, kurort zonası, kurort bölgəsi var, onlardan hələ də istifadə olunmur. Bunlardan istifadə etməliyik, bunları mənimsəməliyik.
Sanatoriya dedikdə, orada tikilmiş müalicəxana, stasionar nəzərdə tutulur. Azərbaycanın xroniki xəstəliklər keçirən əhalisinin çox hissəsi kurortlarda təbii amillərlə müalicə olunur. Azərbaycandan kənarda Karlovi-Vari və yaxud Kislovodskda müalicə olunanların xərcləri Azərbaycana qaytarılsa, böyük valyuta axınının qarşısı alınmış olar. Bu da vacib şərtlərdən biridir. Kurortlar ölkədə inkişaf etdirilməlidir ki, xaricə gedənlərin sayı azalsın, həmçinin yerdə qalan imkansız əhali də öz şəraitimizdə, öz kurortlarımızda müalicə olunsun.
Hadi müəllim 1.3-cü maddədə turizm sənayesinin inkişafına aid bir məsələyə toxundu. Mən mütəxəssis kimi kurortlar və təbii müalicə ehtiyatları haqqında qanuna turizmi qarışdırmağın əleyhinəyəm. Nə üçün? Kurortlar yaradılanda heç turizm haqqında anlayış yox idi. Bəzi oxşar cəhətlər o demək deyil ki, bu gün kurortla turizmi eyniləşdirməliyik. Heç kim onları eyniləşdirə bilməz, ona görə ki, kurortun qarşısında duran vəzifə, birinci növbədə sağlamlaşdırma, əhalini müalicə etməkdir. Turizmin vəzifəsi tamam başqadır.
Kurort yerlərindən turizm məqsədi ilə istifadə etmək o vaxt mümkün ola bilər ki, turistlər gəlib orada müalicə alsınlar. Naftalan kurortunu, müalicəxanasını götürək. Hansı turist Naftalana gedər? Heç biz özümüz yay dövründə ora getmək istəmərik. Demək, birinci əsas amil müalicə, sonra ora əlavə olunan turizmdir. Elə etməliyik ki, turizm haqqında ayrıca qanun qəbul olunanda qanunların müddəaları üst-üstə düşməsin.
Başqa bir neçə məsələ haqqında da demək istəyirəm. Bugünkü gündə Azərbaycan üçün bu qanunun qəbul edilməsi çox vacibdir. Çünki bizdə çoxlu xroniki xəstəliklər var ki, onların müalicəsi ancaq bizim kurort şəraitində mümkündür. Ona görə də bu gün kurortların inkişafına dövlət yardımı olmalıdır. Azərbaycanda təbii mineral suların, isti suyun, Naxçıvan mineral mənbələrinin hamısının müasir dünya standartlarına cavab verəcək dərəcədə inkişaf etməsinə ehtiyac vardır. Bir daha deyirəm, bu qanunun qəbul edilməsi vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əlişir müəllim. Hörmətli deputatlar, bizim 20 dəqiqə vaxtımız qalıb. Ona görə bundan sonra çıxış edənlərdən xahiş edirəm, fikirlərini 5 dəqiqə ərzində çatdırsınlar. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! 6 fəsil, 17 maddədən ibarət olan bu qanun layihəsini mən də diqqətlə oxumuşam. Mənim geniş çıxışım olacaqdı. Lakin deputatlar və xüsusi ilə bizim gözəl mütəxəssis alimimiz Əlişir müəllim buradakı məsələlərin təhlilinə çox uğurlu şəkildə yanaşdı, onların böyük bir hissəsini aydınlaşdırdı və izah etdi.
Mən də bir neçə məsələyə toxunmaq istəyirəm. Doğrudan da, Hadi müəllim doğru dedi ki, burada iki mübahisəli məsələ var. Təbii müalicə ehtiyatları ilə turizmin əlaqələndirilməsi məsələsi üstündə mübahisə gedir. Mən bu məsələ haqqında fikir bildirmək istəyirdim, Əlişir müəllim onu çox müfəssəl və düzgün şəkildə izah etdi. Təbii müalicə ehtiyatları tamamilə başqa şeydir və daha çox kurortun, sanatoriyanın səlahiyyətinə aiddir. Turizm isə bir qədər başqa söhbətdir. Turistlər ölkəyə gəzmək üçün gəlirlər. Onlar bir-iki həftəliyə gəlib həmin müalicəxanada, yaxud kurort yerində müalicə olunmurlar. Müalicə məqsədi ilə kurorta gəlmək turizm deyil. Ona görə təbii müalicə ehtiyatları və turizmlə əlaqəli məsələyə dair Əlişir müəllimin dediyi fikirlərlə mən də tamamilə razıyam.
Bu qanun layihəsi, bilmirəm, niyə bu qədər gecikibdir. 17 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bütün qanunları da layihə şəklində müzakirə edirik, sonra da onları qanuna çeviririk. Ancaq çox ciddi əhəmiyyət kəsb edən məsələni, təəssüf ki, bu qədər vaxt ərzində müzakirəyə çıxarmamışıq. Bu gün bişməmiş bir şəkildə də olsa, yenə Hadi müəllim sağ olsun ki, bunu hazırlayıb, 17 ildən sonra, nəhayət, müzakirəyə gətiribdir. Halbuki bu məsələlər qanun şəklində çoxdan formalaşmalı idi. Gec də olsa, hər halda meydana gəlib.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Burada kurortun xüsusiyyəti çox gözəl aydınlaşdırılır, sonrakı maddələrdə isə bir az qaranlıqlaşdırılır. Əvvəlini oxumuram. Yazılır ki, xəstəliklərin müalicəsi, profilaktikası və əhalinin istirahəti məqsədi ilə istifadə edirlər. Xüsusi mühafizə olunan təbiət ərazisi və obyektlərinə aid olan, istirahət üçün nəzərdə tutulan yer kurort hesab olunur. Çox təəssüf ki, bizdə, xüsusi ilə Azərbaycanın müvafiq yerlərində gözəl bulaq, yaxud da mineral suyu olan bir çox ərazi hasara alınır. O yer bir şəxsi adamın olur. O adam hasarını çəkir, qapını bağlayır və çıxıb gedir. Halbuki ora dövlət əhəmiyyətli kurort ərazisidir, ancaq özəlləşdirilib və ona verilibdir. O da həmin ərazini əhalinin, xalqın istifadəsindən ayırıb, yararsız vəziyyətə salır.
Burada Səttar müəllim çox gözəl dedi ki, 1969-cu ilə qədər respublikamızda 8 sanatoriya vardı. Sonradan ümummilli liderimiz Heydər Əliyevin səyi sayəsində bunların sayı sürətlə artmağa başlayıbdır. Lakin keçid dövründə bunların inkişafı planı yenə dayandırıldı.
Səttar müəllim burada bir məsələyə də toxundu və dedi ki, bizim də günahımız var. Məsələn, bir məsələ bizdən asılı deyil. 50 faizdən artıq yeri qaçqınlar tutublar, istifadə edirlər. Bunu bildik, təbii, fövqəladə hadisədir.
Uşaqların istifadəsi üçün ayrılan sanatoriyalar var idi, yayda onlardan istifadə eləyirdilər. Dediyiniz kimi, analar da öz uşaqları ilə gəlirdi, müalicə olunurdu, istirahət eləyirdilər. Onlar yaxşı olardı ki, ixtisasları, profilləri üzrə özəlləşdirilsin. Məsələn, uşaq bağçaları, qanun çıxarılıb, öz profilləri üzrə özəlləşdirilir. İndi həmin sanatoriyaları çayxana, yeməkxana, daha nə bilim nələr eləyiblər. Bu baxımdan biz də o məsələyə diqqətimizi artırmalıyıq.
Möhtərəm Prezidentimiz çox düzgün olaraq təzə bir fərman verib. 2007–2017-ci illərdə kurortların inkişafı haqqında Dövlət Proqramı hazırlanmalıdır. Görünür, o da müşahidə eləyibdir ki, bu sahə çox geridir. Bu fərman birgünlük, ikigünlük məsələ deyil. Prezidentimiz çox gözəl bilir ki, bu böyük bir prosesdir. Ona görə 10 illik bir müddət qoyub. Burada bəzi məsələlər bir-biri ilə qarışdırılıb. Kurort yerləri, kurort, respublika əhəmiyyətli kurort, yerli əhəmiyyətli kurort, bir də sanitariya mühafizə zonası…
Sədrlik edən. Nizami müəllim, sağ olun. O məsələlərə artıq fikir bildirildi. Rafiq Məmmədhəsənov, buyurun.
R. Məmmədhəsənov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu, çox lazımlı qanundur, onun müzakirəsinin aparılmasını və qəbul olunmasını zəruri hesab edirəm. Qanun layihəsinə bir sıra təkliflərim var. İcazənizlə, həmin təkliflərimi səsləndirərdim.
Qanunun 1-ci maddəsində “təbii mühafizə ehtiyatları” anlayışı verilmişdir. Burada xəstəliklərin müalicəsi, profilaktikası, istirahətin təşkili üçün istifadə olunan mineral sular, müalicəvi palçıqlar və sair sadalanır, lakin müalicə məqsədi ilə işlədilən otların və bitkilərin adları çəkilmir. Axı, kurortlarda otlar və bitkilərlə də müalicə aparılır. Ona görə bu bəndin tam olması üçün “müalicəvi otlar və bitkilər” sözlərinin də mətnə əlavə edilməsini zəruri sayıram.
Həmin maddənin 4-cü bəndində “respublika əhəmiyyətli kurort” anlayışı da kifayət qədər aydın verilməyib.
Müzakirədə çıxış eləyən deputat Mübariz müəllim də bu məsələyə toxundu. Adətən, kurortlar müvafiq icra hakimiyyəti orqanlarının ixtiyarında olur. Bu əlamətə əsasən ona “respublika əhəmiyyətli kurort” deyilməsini düzgün hesab etmirəm. Bu bəndin aşağıdakı kimi yazılmasını təklif edirəm: “Bir sıra geniş yayılmış xəstəliklərin təbii müalicə ehtiyatları hesabına ixtisaslaşmış müalicə və profilaktikanı həyata keçirən, geniş əhali kütləsinə xidmət göstərməyə imkanları müəyyən edilmiş qaydada dövlətin müvafiq icra hakimiyyəti orqanlarının ixtiyarında olan və mühafizə olunan ərazi”.
Sonra, burada “beynəlxalq əhəmiyyətli kurort” anlayışının verilməsini də zəruri hesab edirəm. Çünki bizim Azərbaycanın Naftalan kimi unikal bir müalicə ehtiyatı vardır. Bu, dünyada analoqu olmayan bir müalicə növüdür. Oranı gələcəkdə beynəlxalq əhəmiyyətli kurorta çevirmək mümkündür. Odur ki, belə bir anlayışın olmasını düzgün hesab eləyirəm. “Ərazinin kurort kimi tanınması” adlanan 3-cü maddənin 1-ci bəndində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi tibbi-bioloji, kurortoloji, hidrogeoloji və digər tədqiqatlar əsasında həyata keçirilir” kimi yazılıb. Bu məsələyə deputatlardan biri, deyəsən, Musa müəllim toxundu. Burada “icra hakimiyyəti orqanı tərəfindən” sözlərindən sonra “Respublika Kurortologiya Baş Elmi Tədqiqat İnstitutunun apardığı” sözlərinin yazılmasını, “tərəfindən” sözünün atılmasını təklif edirəm.
II fəslin 4.0.9-cu maddəsində “kurort fəaliyyəti sahəsində kadrlar hazırlamaq” yazılıb. Burada kadrların xüsusiyyəti bilinmir. Hansı kadrlardan, həkimdən, yaxud kimdən söhbət gedir? Aydın yazılmalıdır.
II fəslin 5-ci maddəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri verilmişdir. Həmin maddənin 2-ci bəndi belə bitir: “rekreasiya əhəmiyyətli torpaqların öyrənilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsində iştirak etmək”. Əvvəla, qeyd etmək lazımdır ki, “rekreasiya” köhnəlmiş rus sözü olub, hal-hazırda az işlənir, ya da işlənmir. Tədris müəssisələrində onu tənəffüs və istirahət mənasında işlədirlər. Burada, məncə, müəlliflər “dincə qoyulmuş torpaqlar” ifadəsini demək istəyirlər. Mənə elə gəlir ki, “dincə qoyulmuş torpaq” ifadəsi yazılsa, daha düzgün olardı. Sözün Azərbaycan dilində qarşılığını vermək lazımdır.
Səttar Möhbalıyevin burada iştirak etməsindən istifadə edərək bir təklifimi vermək istəyirəm. Şəkərli diabet xəstələrinin reabilitasiyası üçün Mərdəkandakı “Abşeron” sanatoriyasında 20–30 çarpayı ayrılsın və bu xəstələr orada müalicə oluna, reabilitasiyalarını davam etdirə bilsinlər. Heç olmasa, əvvəl-əvvəl bu imkanı şəkərli diabetlə xəstələnən uşaqlar üçün yaratmaq lazımdır. Çünki şəkərli diabetə dair Dövlət Proqramında bu məsələ qeyd olunmuş və öz əksini tapmışdır.
Ümumiyyətlə, qanun layihəsinə münasibətim müsbətdir. Mən də bəzi deputat yoldaşlarım kimi, hesab eləyirəm ki, bunun üzərində möhkəm işləmək lazımdır. Qanun layihəsinə birinci oxunuşda səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Rafiq müəllim. Vasif Əliyev, buyurun.
V.Əliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri və hökumət üzvləri! Təbii müalicə ehtiyatları və kurortlar haqqında qanun layihəsini hörmətli Hadi müəllim ətraflı, bəzi məqamları hətta incəliklərinə qədər açmaqla təqdim etdi. Mən də bu qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına səs verəcəyəmi bildirir və bəzi məqamları bildirmək istəyirəm.
Azərbaycanda kurort zonaları, məntəqələri çoxdur. Bilmək istərdim ki, bunların xəritələri hazırdırmı və ya hazırlanırmı? Mənim fikrimcə, respublika üzrə kurort zonaları xəritələri hazırlanmalıdır və hər bir məntəqənin təsnifatı verilməlidir. Ondan ötrü bura geoloqlar, həkimlər və başqa mütəxəssislər dəvət olunmalıdırlar. Bu xəritələr hazır olandan sonra onlara uyğun Dövlət Proqramı hazırlanmalı və qanun layihəsinə baxılmalı idi.
Mən Astaradan deputat seçilmişəm. Bir fikir verin ki, Astarada 50 ildən çoxdur ki, yerdən üç cür temperaturda müxtəlif tərkibli su çıxır. Biri müalicəvi isti sudur və insanlar təbii formada onunla müalicə olunurlar. Amma orada heç bir şərait yoxdur, su boş-boşuna axıb gedir. Yaxud magistral yolla gedəndə, yəqin, oradan keçən bütün hökumət üzvləri də görüblər, kükürdlü su çıxır. Yolun qırağında çağlayan o mənbənin adını “Yanar bulaq” qoyublar. Çox əhəmiyyətli sulardır. Məgər bunu bizim Səhiyyə, Sosial Müdafiə nazirlikləri, “Kurort” Səhmdar Cəmiyyəti görmürmü? Əlbəttə ki, görürlər. Onlar nə üçün bu sulardan təbii müalicə formasında istifadə olunması barədə müəyyən fikirlər irəli sürmürlər? Bunlar çox vacib məsələlərdir.
Bizim Milli Məclisin bugünkü iclasında Əlişir müəllim də iştirak edir. O, çox gözəl mütəxəssisdir. Elə mütəxəssislərdən istifadə etməklə, biz öz proqramımızı hazırlaya bilərik. O proqrama uyğun müalicənin metodları təyin edilər və müvafiq qanun qəbul olunardı. Dövlət Proqramı olsa, o zaman biz təyin edə bilərik ki, bura investisiya cəlb olunsun, yoxsa dövlət özü bunu bərpa eləsin. Bu, məlum olandan sonra, yəqin, bu işi görmək olardı. Həmkarlarımı buna səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar! Bizim iclasımızın artıq sonudur. Səttar müəllim, əgər təkid eləmirsinizsə, yekunlaşdıraq. Hesab eləyirəm ki, bu qanun layihəsi birinci oxunuşda, əlbəttə, qəbul edilməlidir. Amma bir neçə məsələyə mən də öz münasibətimi bildirmək istəyirəm.
Burada özəlləşdirmə və mülkiyyət məsələlərinə toxunuldu. Əvvəla, burada fikirlər səsləndi ki, nə üçün qanun layihəsində özəlləşdirmə ilə bağlı fikirlər yazılmayıb? Mən hesab edirəm ki, heç yazılmalı da deyil, çünki bu qanunun predmeti deyil. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı var. Cənab Prezidentin fərmanı ilə təsdiq olunub ki, hansı sanatoriyalar, kurortlar özəlləşdirməyə açılacaq. Bu, cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir. O məsələni biz bu qanunda yaza bilmərik.
Bayaq həmkarım Siyavuş Novruzov bəzi təbii müalicə mənbələrini qeyd elədi. Məsələn, Duz dağının özündə, Siyavuş müəllim, bu saat 4 özəl müəssisə işləyir. “Sirab” suyu özəl müəssisələr tərəfindən Bakıya daşınıb gətirilir. Yaxud digər sahələrdən, Naftalandan danışdınız. Bu yaxınlarda Musa Musayev, Naftalanın icra başçısı Bakıya gəlmişdi. Onunla söhbətimiz oldu. Bir neçə özəl müəssisə, Naftalanda müalicəxana açıb, işləyir. Yəni bu məsələlərdə artıq problem yoxdur. Bunlara dövlət də, təbii ki, bayaq dediyim inkişaf proqramına müvafiq olaraq yardım göstərir.
Burada kurortların maliyyə mənbələri ilə bağlı fikirlər səsləndi. Əlbəttə ki, buna həm dövlət, həm yerli büdcələr, həm də digər mənbələr tərəfindən yardım olacaq. Burada hamısı var, yazılıbdır. Mülkiyyət məsələsi ilə bağlı, mən də hesab eləyirəm ki, yerin altında olan bütün sərvətlər, Konstitusiyada yazıldığı kimi, dövlətə mənsubdur. Amma bizim Konstitusiyada 29-cu maddə var. Orada göstərilir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Burada heç bir problem yoxdur.
Konkret olaraq fikrimi nəyə gətirirəm? Siz dediniz, birinin həyətində, deyək ki, qiymətli palçıq əmələ gəlibdir, oranı alıb hasara. Əgər dövlət hesab eləsə ki, bu, ictimai ehtiyaclar üçün lazımdır, əvvəlcədən onun ədalətli haqqı ödənilməklə öz mülkiyyətinə keçirər. Bu məsələ də həll olunubdur. Yəni demək istəyirəm ki, qanunu bu qədər alt-üst eləmək bəlkə də bir az yerinə düşmür. Qanun layihəsi həddindən artıq çox tənqid olundu. Amma hesab edirəm ki, bu qədər tənqidə ehtiyac yoxdur. İndi, sözsüz ki, ikinci oxunuşda Hadi müəllim bunları nəzərə alar. Əgər Hadi müəllimin sözü varsa, qısaca olaraq fikirlərini desin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Bu, birinci oxunuşdur. Yəqin ki, ikinci, üçüncü oxunuşlarda qanun layihəsi daha da təkmilləşdiriləcək. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.58 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 0  
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU