06.11.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 61
Mill Məclisin iclas salonu.
6 noyabr 2007-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
N. Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
M. Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
A. Babayev, Azərbaycan Respublikası Milli Bankının nümayəndəsi.
* * *
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
İ. İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri.
* * *
H. Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
T. Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı.
* * *
O. Zalov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
İ. Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nın təsdiq edilməsi haqqında.
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında.
6. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
7. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında.
10. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
11. Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. 12. Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
13. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında.
14. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında.
15. Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında.
16. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında.
17. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
19. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
6 noyabr 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşin. Buyurun, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 91
Yetərsay 83
Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 4
İştirak edir 84
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gördüyünüz kimi, çox gərgin gündəliyimiz var. Bu gündəliyə büdcə ilə əlaqədar qanun layihələri də daxildir. İndi müzakirələrə ehtiyac varmı? Bir nəfər, Pənah bəy təkid edir? Buyurun, yazılın. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, Milli Məclisin bugünkü gündəliyi çox gərgindir. Büdcə layihəsindəki əsaslı yeniliklərlə əlaqədar olaraq bir sıra qanunvericilik aktlarına, o cümlədən İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə vacib məsələlər bu gün müzakirəyə təqdim olunubdur. Bununla bağlı, mən hesab edirəm ki, birbaşa gündəliyin müzakirəsinə başlamaq daha məqsədəuyğundur. İndi Milli Məclisin gündəliyinə dəyişikliklər və əlavələr edilməsinə heç bir ehtiyac yoxdur. Ona görə də mən gündəlikdəki məsələlərin müzakirəsinə başlanmasını təklif edirəm və deputat həmkarlarımdan xahiş edirəm ki, buna səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Onda xahiş edirəm, Siyavuş Novruzovun təklifinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 73
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 75
Nəticə: qəbul edildi
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sözünüz var? Təkid edirsiniz? Amma nəzərə alın, gündəlikdən kənara çıxmağa imkan verməyəcəyəm. Buyurun. Pənah Hüseyn.
P. Hüseyn. Sizin dediyiniz bu məsələlər barəsində dəfələrlə bildirdiyimiz bir rəyi bir daha təkrar edirəm. Milli Məclisin Daxili Nizamnaməsi var. O Daxili Nizamnamə qüvvədə olan qanundur. Mənə elə gəlir ki, bu qanun qüvvədə qaldıqca, onu protokol qaydasında səsə qoyub dəyişdirməyə heç kəsin, bütövlükdə Milli Məclisin də hüququ yoxdur. Milli Məclis deputatının Milli Məclisin iclasında müraciət və bəyanatlarla çıxış etmək hüququ vardır. Siz də Milli Məclisin iş adət-ənənəsinə uyğun olaraq bu sözləri həmişə demisiniz. Ona görə də xahiş edirəm, sözümü kəsib mikrofonumu söndürməyin.
Mən təklif edirəm ki, dünən Bakıda bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatının, Milli Məclisin bir neçə deputatının, o cümlədən iqtidar partiyasından olan deputatın da iştirak etdiyi forumun müraciətini biz bu gün müzakirəyə qəbul edək və Milli Məclis PKK-nın terror təşkilatı kimi tanınmasına öz mövqeyini bildirsin. Türkiyənin Baş naziri Amerika Birləşmiş Ştatlarında çıxış edərək bütün dünya ictimaiyyətini onlara dəstək verməyə çağırdı, ölkənin PKK terroru ilə mücadilədə tək qaldığını bildirdi. Hətta ABŞ Prezidenti PKK-nı Amerikanın da düşməni elan etdi. Mən hesab edirəm ki, bu məsələyə bu gün bizim fikir bildirməyimiz məqsədəuyğundur. Onu da bildirək ki, Türkiyənin Prezidenti buradadır. Müsavat deputat qrupu olaraq biz təklif edirik ki, ölkəni təmsil edən ali vəzifəli şəxs − Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə öz mövqeyini bildirsin, bir siyasi bəyanatla çıxış etsin. Bu, Mili Məclisin qərarından əvvəl də ola bilər. Müsavat deputat qrupu olaraq biz bu təklifi də dünənki forumun təklifinə əlavə edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Pənah bəy, bilirsiniz ki, Türkiyənin Prezidenti Bakıdadır. Bakıda bəyanat olacaq. Ona görə də tələsməyin. Bu bəyanat da olacaq. Prezident bu işi sizdən də, məndən də qat-qat yaxşı bilir. O ki qaldı Milli Məclisin bəyanat qəbul etməsinə, mən etiraz etmirəm. Biz dünən oturub müavinlərlə danışdıq. Belə bir komissiya yaranacaq, bəyanat hazırlanacaq. Buyurun, Əli müəllim. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasının gündəliyinə çoxlu sayda məsələlər çıxarılıbdır və həmin məsələlərin müzakirəsi, yəqin ki, təkcə bu gün deyil, bundan sonrakı günlər ərzində də çox vaxt aparacaqdır. Mən istərdim ki, Milli Məclis öz vaxtından səmərəli istifadə etsin.
Bu gün burada deputat Pənah Hüseynin qaldırdığı məsələ ilə əlaqədar mən onu bildirmək istəyirəm ki, əvvəla, Azərbaycan Respublikası beynəlxalq aləmdə terrorizmə qarşı mübarizə aparan dövlətlərdən biridir və Azərbaycanın terrorizmə qarşı apardığı mübarizə, terrorizmə qarşı beynəlxalq koalisiyada iştirak etməsi, əslində, Azərbaycan dövlətinin beynəlxalq aləmdə fəaliyyət göstərən bütün terrorçu təşkilatlara öz münasibətini aydın şəkildə ifadə edir. İkincisi, Azərbaycan dövlətinin mövqeyini Azərbaycanda müəyyənləşdirilmiş prosedur qaydalarına müvafiq surətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ifadə edir və Xarici İşlər Nazirliyinin bəyanatları Azərbaycan dövlətinin mövqeyi kimi qəbul olunur. PKK terrorçu təşkilatı barədə Azərbaycan hökumətinin mövqeyi dəfələrlə açıq şəkildə Xarici İşlər Nazirliyi tərəfindən bəyan edilibdir. Bu bəyanatlarda birmənalı şəkildə göstərilir ki, Azərbaycan Respublikası PKK-nı terrorçu təşkilat kimi tanıyır. Azərbaycanın dövlət olaraq mövqeyi də bu bəyanatlarda açıq şəkildə göstərilibdir.
Bəzi dövlətlərdə terrorçu təşkilatların siyahısı elan olunur. Bu o dövlətlərdir ki, dünyanın istənilən nöqtəsində onların maraqları var və bütün bu yerlərdə mövcud olan terrorçu təşkilatların fəaliyyəti onların maraqlarına toxunur. Belə olan halda bu, siyahı şəklində göstərilir. Azərbaycan dövləti isə Azərbaycan Respublikasının maraqlarına toxunan belə təşkilatlara münasibətini Xarici İşlər Nazirliyinin bəyanatı formasında dövlətin mövqeyi kimi ifadə edir. Mən istərdim ki, Azərbaycanın hər bir vətəndaşı Azərbaycan dövlətinin açıq şəkildə PKK-nı məhz terrorçu təşkilat kimi tanıdığını bilsin.
Mən hesab edirəm ki, Azərbaycan müxalifətinin bəzi nümayəndələrinin insanların müəyyən qisminin məlumatsızlığından sui-istifadə edərək Azərbaycan hökumətini və iqtidarını nədəsə suçlaması heç də yaxşı hal deyildir. Nəzərlərinə çatdırmaq istərdim ki, Yeni Azərbaycan Partiyası bu ayın 3-də şənbə günü keçirdiyi dəyirmi masada, − orada Milli Məclisin deputatlarının böyük bir hissəsi iştirak edirdi, − PKK-nı terrorçu təşkilat kimi tanıdığını açıq ifadə etdi.
Sədrlik edən. Çox sağ olun. Hər kəs ürəyindəkini dedi. Təkid edən yoxdursa, keçək gündəliyə. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı”nın təsdiq edilməsi haqqında. Buyurun, Aydın Mirzəzadə.
A. Mirzəzadə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi əməkdaşlıq uğurla həyata keçirilir. İndi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında da əməkdaşlıq əlaqələrinin yaradılması qərara alınmışdır. Bunun üçün tərtib edilmiş iş planı bu gün müzakirəyə verilir. İş planında NATO ilə qarşılıqlı uyarlığa nail olunması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin transformasiya üzrə səylərinin dəstəklənməsi, Azərbaycanın peşəkar çavuş/serjant kadrlarının hazırlanması səylərinin dəstəklənməsi, hazırda davam edən çoxmillətli sülhməramlı əməliyyatlarda, koalisiyanın hərbi əməliyyatlarında iştirak edən qüvvələrin hazırlanması, yerləşdirilməsi üzrə Azərbaycanın səylərinin dəstəklənməsi, Azərbaycanın dəniz təhlükəsizliyinin təmin edilməsi üçün birgə fəaliyyətin göstərilməsi, Azərbaycanın hərbi hava qüvvələrinin dəstəklənməsi üzrə səylərin həyata keçirilməsi nəzərdə tutulub.
Planın həyata keçirilməsi üçün aşağıdakı əlaqə növləri nəzərdə tutulub. Sülh naminə tərəfdaşlıq və NATO-nun dəstəyi ilə həyata keçirilən digər tədbirlər, yüksək rütbəli zabitlərin ziyarətləri, hərbi mübadilələr, yardım çərçivəsində ziyarətlər və konfranslar, təhlükəsizlik və yardım proqramı, kadrların inkişafı üçün tədbirlərin keçirilməsi. Bütün bunların həyata keçirilməsi üçün aşağıdakı mexanizmlər və iş planı nəzərdə tutulub. İkitərəfli hərbi məsləhətləşmələr, polkovniklər səviyyəsində Azərbaycan-ABŞ Avropa Komandanlığının işçi qrupunun yaradılması, ikitərəfli əməkdaşlıq üzrə planlaşdırma konfranslarının, müntəzəm məsləhətləşmələrin keçirilməsi.
İş Planına Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının 30 oktyabr tarixli iclasında baxılmış və təsdiq edilmək üçün yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi − Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə. Nəzərinizə çatdırım ki, bu məsələnin müzakirəsində Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov, vergilər nazirinin müavini Natiq Əmirov, maliyyə nazirinin müavini Azər Bayramov və Vergilər Nazirliyinin məsul işçiləri iştirak edirlər. Suallar olanda cavablandıra bilərlər.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə Vergi Məcəlləsində bir sıra dəyişikliklər və əlavələr edilməsi barədə müraciət edilmişdir. Bu dəyişikliklər və əlavələr, heç şübhəsiz, son dövrlərdə Azərbaycan Respublikasının iqtisadiyyatında baş verən keyfiyyət dəyişiklikləri ilə əlaqədardır. Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklər onun strukturunun, ölkədə vergi sahəsində aparılan çoxşaxəli işlərin daha da təkmilləşdirilməsi məqsədi ilə edilir. Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin bir sıra maddələrinə dəyişikliklər və əlavələr edilməsi nəzərdə tutulur. Həmin dəyişikliklər və əlavələr ilk növbədə vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi nəzarətinin səmərəliliyinin artırılması, vergi siyasətinin təkmilləşdirilməsi ilə əlaqədardır.
İqtisadi siyasət daimi komissiyasında bu məsələ çox ətraflı müzakirə olunmuşdur. Məcəlləyə təklif olunan 70-ə yaxın dəyişiklik və əlavələrin 22-si redaktə xarakterlidir. Onların üçdə bir hissəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, 12-si vergi nəzarətinin səmərəliliyinin artırılması, 9-u isə vergi siyasətinin təkmilləşdirilməsi və vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlıdır.
Bu dəyişiklik və əlavələrin ən başlıca mahiyyəti aşağıdakılardan ibarətdir. Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər, əsasən, əlavə dəyər vergisi ilə bağlıdır. Vergi ödəyicilərinin əlavə dəyər vergisinin ödənilməsindən yayınmasının qarşısının alınması üçün son illər respublikanın Vergilər Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bunlara əlavə dəyər vergisi subyektləri üçün qeydiyyatın sərtləşdirilməsi, borclu vergi ödəyicilərinin əlavə dəyər vergisi qeydiyyatının ləğv edilməsi, vergi ödəyicilərinin dövriyyələrində aparılan qarşılıqlı əməliyyatlara və əvəzləşdirmələrə nəzarəti təmin edən tədbirləri aid etmək olar. Məhz bu kimi tədbirlərin görülməsinin nəticəsidir ki, 2007-ci il üçün dövlət büdcəsində Vergilər Nazirliyi üzrə təsdiq olunmuş bütün tapşırıqlar yerinə yetirilmişdir.
Onu da qeyd etmək lazımdır ki, əlavə dəyər vergisi ilə əlaqədar bu məsələ keçən il də qaldırılmışdı. Çoxsaylı müzakirələrdən sonra İqtisadi siyasət daimi komissiyasının və Banklar Assosiasiyasının təklifləri, Vergilər Nazirliyinin özünün bu məsələyə daha ətraflı yanaşması nəticəsində artıq bütün strukturlar bu məsələdə çox vacib bir konsensusa gəlmişlər. Məlumat üçün bildirim ki, bu dəyişikliklər nəticəsində əlavə dəyər vergisi hesabına daxilolmalar keçən ilə nisbətən dövlət büdcəsi layihəsində 220 milyon manata qədər artacaqdır. Yəni bütövlükdə bu dəyişikliklərin edilməsi nəticəsində əlavə dəyər vergisinin artırılması təmin olunacaq, bu artım 47,9 faiz təşkil edəcəkdir. Mahiyyət ondan ibarətdir ki, əvvəlki illərdə olduğu kimi bu il də əlavə dəyər vergisi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə təklif olunan dəyişikliklər respublikada əlavə dəyər vergisinin depozit hesabının tətbiqini nəzərdə tutur. Respublikada vahid xəzinə hesabı əlavə dəyər vergisinin depozit hesabı vasitəsi ilə ödənilməsi və əvəzləşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün istifadə olunacaq.
Məcəlləyə təklif olunan dəyişikliklərdə əlavə dəyər vergisinin depoziti hesabı üzrə əlavə dəyər vergisinin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatların aparılması, əlavə dəyər vergisinin əvəzləşdirilməsi və qaytarılması məsələsi öz əksini tapmışdır. Bu, əlavə dəyər vergisi ilə bağlı aparılan əməliyyatlar üzərində güclü nəzarət sisteminin yaradılmasına imkan verəcək. Əlavə dəyər vergisi depoziti hesabının tətbiqi müqabilində əlavə dəyər vergisi inzibatçılığı üzrə liberallaşdırma tədbirlərinin həyata keçirilməsi, o cümlədən əlavə dəyər vergisinin tutulması üçün könüllü qeydiyyat şərtlərinin sadələşdirilməsi, əlavə dəyər vergisi qeydiyyatının ləğv edilməsinin məcəllədən çıxarılması təklif olunur. İqtisadi siyasət daimi komissiyası hesab edir ki, bu dəyişikliyin edilməsi nəticəsində respublikada vergi yığımı xeyli dərəcədə təkmilləşəcək, vergidən yayınma halları və digər neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atılacaq.
İkinci mühüm dəyişiklik. Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar olaraq fiziki şəxslərin gəlir vergisinə dəyişikliklər nəzərdə tutulur. Son illər ölkə iqtisadiyyatının inkişafı ilə paralel surətdə gedən iqtisadi proseslər, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər bu il də davam etdiriləcəkdir. İqtisadiyyatın bir sıra sahələrində real əmək haqlarının düzgün rəsmiləşdirilməməsi bu sahədə inzibati tədbirləri gücləndirməklə yanaşı, stimullaşdırıcı addımların atılmasını da zəruri edir. Bunu nəzərə alaraq dövlət başçısı bu məqsədlə fiziki şəxslərin gəlir vergisi üzrə 35 dərəcə ilə vergiyə cəlb olunan aylıq gəlirin minimal həddinin 1000 manatdan yuxarı, yəni 1500 manatadək qaldırılmasını təklif edir. İqtisadi siyasət daimi komissiyasında Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və digər qurumların mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrdə təklif edildi ki, “1500 manat” sözü “2000 manat” sözü ilə əvəz edilsin. Biz hesab edirik ki, bu təqdirəlayiq bir təklifdir. İqtisadi siyasət daimi komissiyası, Beynəlxalq münasibətlər komissiyasının bir çox üzvləri, digər komissiyaların üzvləri də respublikada əmək haqqının diferensiasiyasında yaranmış fərqləri nəzərə alaraq, belə bir təkliflə çıxış edirlər. Qanun qüvvəyə mindikdən sonra bu dəyişiklik, heç şübhəsiz ki, vergi ödəyicilərinin işçilərinə verdikləri əmək haqlarının leqallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcəkdir.
Vergi Məcəlləsində nağd pul hesablaşmaları üçün nəzarət-kassa aparatlarının quraşdırılması tələb olunmayan fəaliyyət növlərinin siyahısının genişləndirilməsi təklif olunur. Bu bir həqiqətdir ki, nəzarət-kassa aparatının tətbiq edilməsi Azərbaycanda vergi inzibatçılığının, vergi sisteminin təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlardan biridir. Amma indi belə fəaliyyət növlərinin siyahısını bir az məhdudlaşdırmaq təklif olunur. Bu fəaliyyət növlərinə səhiyyə və mədəni xidmətlər, səyyar ticarət, bazarlarda və bazar tipli yarmarkalarda piştaxtalardan və bu kimi yerlərdən pərakəndə satış fəaliyyəti və digər spesifik sahələrin aid edilməsi nəzərdə tutulur. İqtisadi siyasət daimi komissiyası belə hesab edir ki, bu dəyişiklik də bütövlükdə vergi mədəniyyətinin yüksəlməsinə, insanlar arasında münasibətlərin təkmilləşməsinə və bir çox hallarda neqativ halların aradan qaldırılmasına imkan verəcəkdir.
Qanun layihəsində vergi nəzarətinin səmərəliliyinin artırılması çərçivəsində vergi hüquqpozmalarına qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi təklif olunur. Ötən illərin təcrübəsi göstərir ki, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyalarının liberallaşdırılması bu sahədə mövcud neqativ halların azalması ilə heç də bütün hallarda müşayiət olunmamışdır. Ona görə də təklif olunur ki, bir sıra sahələrdə vergi hüquqpozmalarına qarşı daha sərt tədbirlər görülsün. Bu istiqamətlərdən biri də işçilərlə müqavilələrin bağlanmamasına görə işə götürənlərin məsuliyyətinin artırılmasıdır. Məsələn, mövcud maliyyə sanksiyalarının bir qisminin dərəcələrinin 20-25 faizdən 50 faizə qaldırılması təklif olunur.
Biz dünən İqtisadi siyasət daimi komissiyasında və digər komissiyalarda dövlət büdcəsi ilə əlaqədar məsələləri müzakirə etdik, imkanları araşdırdıq. Sənədlərdən birmənalı şəkildə görünür ki, bir sıra sahələrdə bu gün də işçilərin real artımı prinsipi pozulur və bu da həm ölkə iqtisadiyyatına, həm məşğulluq səviyyəsinin obyektiv qiymətləndirilməsinə, eyni zamanda, büdcədən yayınmalara səbəb olur. Ona görə də təklif olunan bu dəyişiklik də, heç şübhəsiz ki, Azərbaycanda vergi mədəniyyətinin yüksəlməsinə, təkmilləşməsinə, şəffaflığın artırılmasına xidmət edəcəkdir.
Vergi siyasətinin təkmilləşdirilməsi çərçivəsində iaşə xidmətləri göstərən şəxslərin vergiyə cəlb olunması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Son illər respublikamızda iaşə xidmətləri sektorunun sürətli inkişafı və bu sahədə rentabelliyin digər sahələrlə müqayisədə yüksək olması müşahidə edilməkdədir. Həqiqətən, belə bir paradoksal vəziyyət yaranmışdır. Bir sıra sahələrdə rentabellik səviyyəsi iaşə müəssisələrindəkindən qat-qat aşağıdır. Bunun obyektiv səbəblərindən biri ondan ibarətdir ki, hələ də bu sahədə uçota alınmayan fəaliyyət növləri var. Vergi Məcəlləsinin 218, 219 və 220-ci maddələrinə edilən bir sıra dəyişikliklər bu vəziyyətin düzəldilməsinə xidmət edir. Dövriyyəsindən asılı olmayaraq iaşə xidmətləri göstərən hüquqi və fiziki şəxslərin − şadlıq evlərinin, restoranların, yeməkxanaların sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi və onlar tərəfindən sadələşdirilmiş verginin ümumi hasilatdan vahid dərəcə, 10 faiz ilə ödənilməsi nəzərdə tutulur. Bu sahədə aparılacaq təkmilləşdirmələr iaşə xidmətləri göstərən hüquqi və fiziki şəxslərə münasibətdə vergi inzibatçılığının sadələşdirilməsinə şərait yaradacaqdır.
Hörmətli millət vəkilləri, bu məsələ də İqtisadi siyasət daimi komissiyasında adlarını çəkdiyim müvafiq strukturların mütəxəssisləri ilə ətraflı müzakirə edildi. Bu bir həqiqətdir ki, bu sahədə çox boşluqlar var. Biz də hesab edirik ki, bu dəyişikliyin tətbiq edilməsi sadələşdirilmiş vergi hesabına büdcəyə daxilolmaları artıracaq və ictimai iaşə müəssisələrində şəffaflığın təmin edilməsi istiqamətində mühüm bir addım olacaqdır.
Digər dəyişikliklər redaktə xarakterli dəyişikliklərdir. Gələcəkdə Vergi Məcəlləsində çox böyük bir dəyişikliyin edilməsi nəzərdə tutulub. Bu, cənab Prezidentin bu yaxınlarda sahibkarlığın inkişafı ilə əlaqədar olan vahid pəncərə prinsipi haqqında sərəncamı ilə əlaqədar olacaqdır.
Qeyd etmək istərdim ki, Vergi Məcəlləsində dəyişikliklər dünyanın bütün ölkələrində mütəmadi olaraq aparılır. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə, iqtisadiyyatın strukturu dəyişdikcə, dövlət büdcəsinin imkanları genişləndikcə Vergi Məcəlləsində dəyişikliklər edilir. Yəni Vergi Məcəlləsində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərə adekvat dəyişikliklər edilir. Biz birdən-birə vergi mədəniyyətini yüksəldə, vergi inzibatçılığını artıra bilmərik. Bəzən deyirlər, bizim Vergi Məcəlləsində çox dəyişikliklər olur. Bu təbii haldır. Bir müddətdən sonra, təbii ki, ölkədə tam azad bazar münasibətləri formalaşacaq. Onda belə dəyişikliklərin miqdarı da azalacaqdır. Mən millət vəkillərindən xahiş edərdim ki, qaldırılan məsələlər, dəyişikliklər barədə İqtisadi siyasət daimi komissiyasının verdiyi rəyi dəstəkləsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Söz verilir Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədova.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi ölkədə iqtisadi islahatların daha da genişlənməsi və dərinləşməsinə, iqtisadiyyatın bütün sahələrində tərəqqinin əldə olunmasına imkan yaratmışdır. Ölkə iqtisadiyyatının dinamik inkişafı və onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət çərçivəsində kompleks vergi islahatları da həyata keçirilməkdədir. Sosial-iqtisadi inkişafa xidmət edən vergi islahatları müxtəlif istiqamətləri, o cümlədən əlverişli investisiya şəraitinin yaradılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, vergi ödəyicilərinə xidmətin genişləndirilməsini əhatə edir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi çərçivəsində qanunvericiliyin ölkənin iqtisadi inkişaf səviyyəsinə, habelə beynəlxalq normalara uyğunlaşdırılması, il ərzində qarşıya çıxan mübahisəli məsələlərin həll olunması baxımından Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Müzakirəyə təqdim olunmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi, əsasən, beş istiqaməti əhatə edir. Məcəlləyə təklif olunan yetmiş yeddi əlavə və dəyişikliklərdən doqquzu vergi siyasətinin inkişaf etdirilməsi, on dördü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, iyirmi ikisi vergi inzibatçılığının təkmilləşdirilməsi, iyirmi ikisi redaktə xarakterli, onu vergi nəzarəti səmərəliliyinin artırılması ilə əlaqədardır.
İlk növbədə vergi siyasətinin inkişaf etdirilməsi məqsədi ilə məcəlləyə təklif olunan dəyişiklikləri diqqətinizə çatdırmaq istərdim. Vergi Məcəlləsinin 2.4.7-ci və 2.7-ci maddələrinə təklif olunan dəyişikliklər ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunla vergitutma və vergi nəzarəti məsələlərinin tətbiq edilməsinə şəraitin yaradılmasını nəzərdə tutur. Məqsəd ixrac məqsədli neft-qaz fəaliyyəti və ya xüsusi iqtisadi zonalar haqqında qanunlarda, Vergi Məcəlləsində və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə həmin qanunların müddəalarının tətbiq edilməsinin hüquqi bazasının yaradılmasıdır.
Məcəllənin 2.8-ci maddəsində nəzərdə tutulan dəyişikliyə əsasən növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Azərbaycan Respublikası Milli Məclisinə hər il may ayının 15-dən gec olmayaraq təqdim edilir. Bu dəyişiklik vergi qanunvericiliyinə təklif olunan dəyişikliklərin təqdim edilməsinin dəqiq müddətinin müəyyən edilməsinə və vergi ödəyicilərinin, habelə əlaqədar dövlət qurumlarının Vergi Məcəlləsində baş verən dəyişikliklərin tətbiqinə müvafiq hazırlıq aparmasına şərait yaradılmasına xidmət edir.
Sahibkarlıq fəaliyyətinin inkişafı və ölkəmizdə azad rəqabət prinsiplərinin formalaşması sahəsində həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixli fərmanına əsasən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin bir pəncərə prinsipi üzrə təşkili barədə əlaqədar dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin bir pəncərə prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli digər sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin bir pəncərə prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı kimi Vergilər Nazirliyi təyin olunmuş və bir pəncərə prinsipinin tətbiqi tarixi 2008-ci il yanvar ayının 1-dən müəyyən edilmişdir. Dövlət başçısının ali tapşırıqlarının icrası ilə əlaqədar müvafiq qanunvericilik aktlarına, o cümlədən Vergi Məcəlləsinə əlavə və dəyişikliklər hazırlanmışdır. Vergi Məcəlləsinin müvafiq maddələrinə təklif olunan dəyişikliklər ölkədə bir pəncərə sisteminin tətbiqi ilə əlaqədar hüquqi bazanın formalaşması və vergi inzibatçılığı məsələlərini əhatə edir.
Vergi ödəyicilərinin mənafelərinin qorunması və hüquqlarının artırılması ilə əlaqədar Vergi Məcəlləsinin müvafiq maddələrinə dəyişiklik edilməklə nəzarət-kassa aparatlarının quraşdırılması tələb olunmayan fəaliyyət növlərinin siyahısının genişləndirilməsi təklif olunur. Bu fəaliyyət növlərinə səhiyyə xidməti, mədəni xidmətlər, hüquqi xidmətlər, bazarlarda və bazar tipli yarmarkalarda müvafiq yerlərdən pərakəndə satış fəaliyyətinin və digər spesifik sahələrin aid edilməsi nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsinin 15.1.5-ci maddəsi üzrə təklif olunan dəyişikliyə əsasən belə fəaliyyət növləri ilə məşğul olan şəxslərə hüquq veriləcək ki, onlar nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı quraşdırmaqla da həyata keçirə bilsinlər.
Vergi Məcəlləsinin 22.2-ci maddəsinə təklif olunan dəyişikliyə görə, vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının məbləğinin 5 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondunun yaradılması nəzərdə tutulur. Məqsəd vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün vergi orqanları işçilərinin sosial müdafiəsinin, maddi həvəsləndirilməsinin inkişafının təmin edilməsidir.
Vergi nəzarətinin səmərəliliyinin artırılması istiqamətində məcəllənin müvafiq maddələri üzrə təklif olunan dəyişikliklər vergi hüquqpozmalarına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsinə xidmət edir. Bu dəyişikliklərin birinci istiqaməti mövcud maliyyə sanksiyalarının bir qisminin dərəcələrinin 20 və 25 faizdən 50 faizədək artırılması, ikinci istiqaməti isə bəzi vergi hüquqpozmalarına, məsələn, əmək müqavilələrinin bağlanması sahəsində hüquqpozmalara görə 1000 manat, vergi borclarının alınması ilə əlaqədar aktivlər barədə məlumatların vaxtında təqdim edilməməsinə görə 100 manat və s. maliyyə sanksiyalarının tətbiqidir. Bu dəyişikliklər vergidən yayındırılmış dövriyyələrin aşkar olunub vergiyə cəlb olunmasına və vergi qanunvericiliyinə əməl olunması sahəsində intizamın gücləndirilməsinə imkan verəcəkdir. Eyni zamanda, bu dəyişikliklər intizamlı vergi ödəyicilərinin fəaliyyətinə heç bir maneçilik törətməyəcəkdir.
Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 101-ci maddəsinə fiziki şəxslərin gəlir vergisi ilə bağlı dəyişikliklər təklif olunur. Məlum olduğu kimi, son illər milli gəlirlərin artması ilə paralel olaraq ölkədə gedən iqtisadi proseslər əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərin davamlı olmasını tələb edir. İqtisadiyyatın bir sıra sahələrində real əmək haqlarının düzgün rəsmiləşdirilməməsi bu sahədə inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı stimullaşdırdığı addımların atılmasını da zəruri etmişdir. Bu məqsədlə fiziki şəxslərin gəlir vergisi üzrə 35 faiz dərəcə ilə vergiyə cəlb olunan aylıq gəlirin minimum həddinin 1000 manatdan 1500 manatadək artırılması təklif olunur. Bu, məcəlləyə Vergilər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təqdim olunan təklif idi.
Hörmətli Sədrin və eyni zamanda, Milli Məclis üzvlərinin müraciətlərinə baxaraq, biz burada müvafiq hesablamalar aparmalıyıq. Onlar təklif edirdilər ki, minimum həddin 2000 manatadək artırılması nəzərdə tutulsun. Bu təklifə biz Maliyyə Nazirliyi ilə birlikdə baxıb, müəyyənləşdirməliyik ki, büdcə gəlirləri üzrə bu nə qədər azalmaya səbəb ola bilər və digər hansı sahələrdə dəyişikliklər hesabına bunu təmin edə bilərik. Bu məsələyə bu istiqamətdə baxılır.
Təklif olunan dəyişikliklər qüvvəyə mindikdən sonra fiziki şəxslərin 1000 manatdan 1500 manatadək aylıq gəlirindən vergi 35 faiz əvəzinə 14 faiz dərəcə ilə tutulacaqdır. Bu dəyişiklik vergi ödəyicilərinin işçilərinə verdiyi əmək haqlarının leqallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək.
Vergi Məcəlləsinin 106.1.5-ci maddəsinə təklif olunan dəyişikliklər əmanətlərin sığortalanması fondunun gəlirlərinin mənfəət vergisindən azad edilməsini nəzərdə tutur. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 9 fevral tarixli fərmanının 1.1-ci bəndinin icrası məqsədi ilə təklif olunur.
Sahibkarlığın inkişafına və istehsalın stimullaşdırılmasına yönəlmiş məqsədyönlü iqtisadi siyasət ölkəmizdə əlverişli investisiya mühitinin yaradılmasına xidmət edir. Bu sahədə həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Vergi Məcəlləsinin 121.1-ci maddəsinə təklif olunan dəyişikliklər müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsinin sonrakı dövrə keçirilməsi müddətinin 3 ildən 5 ilədək artırılmasını nəzərdə tutur. Bu dəyişiklik müəssisələrə daha uzunmüddətli investisiya layihələrini həyata keçirmək imkanı verəcəkdir.
Hörmətli millət vəkilləri, “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli fərmanının 6.3-cü bəndinə əsasən, aidiyyəti dövlət orqanlarına vergilər üzrə ödəniş mexanizmlərinin təkmilləşdirilməsi, vergidən, xüsusən əlavə dəyər vergisindən yayınma hallarının qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin 4 ay müddətində hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır. Bu tapşırığın icrası ilə əlaqədar Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər təklif olunmuşdur. Bu dəyişikliklərə görə əlavə dəyər vergisinin depozit hesabının tətbiqi nəzərdə tutulur. Bu, vahid xəzinə hesabı olmaqla əlavə dəyər vergisinin depoziti hesabına əlavə dəyər vergisinin ödənilməsi və əvəzləşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün istifadə olunacaqdır.
Məcəlləyə təklif olunan dəyişikliklərdə əlavə dəyər vergisinin depozit hesabı üzrə əlavə dəyər vergisinin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinin məxarici ilə bağlı əməliyyatların aparılması məsələləri öz əksini tapmışdır. Hesab edirik ki, əlavə dəyər vergisi depoziti hesabının tətbiqi əlavə dəyər vergisi üzrə yayınmaların qarşısının əsaslı şəkildə alınmasına şərait yaradacaqdır.
Vergi Məcəlləsinin hələlik qüvvədə olan 159.9-cu maddəsinə görə, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə dəyər vergisinə cəlb edilməsi ilə əlaqədar olaraq, vergi tutulan minimum dövriyyənin müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Lakin vergi tutulan minimum dövriyyənin müəyyən edilməsi mexanizminin qanunvericilikdə tam açıqlanmadığı üçün həmin maddənin təkmilləşdirilməsi zərurəti yaranmışdır. Məcəllənin 159.9-cu maddəsinin təklif olunan yeni redaksiyasına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan minimum dövriyyə tikintinin ümumi sahəsinin hər kvadratmetri üçün 225 manat məbləğində, əraziləri zonalar üzrə müəyyən edilmiş əmsallara vurulmaqla hesablanır. Bu dəyişiklik qüvvəyə mindikdən sonra mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə dəyər vergisi üzrə daxilolmalarında əsaslı artım gözlənilir.
Vergi Məcəlləsinin 165.1.6-cı maddəsinin məcəllədən çıxarılması onunla bağlıdır ki, beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı 49 faizdən çox olmadıqda həmin vəsaitlər hesabına kreditlər və borclar alınan şəxs tərəfindən malların, işlərin, xidmətlərin alınması və bunların idxalının ümumi qaydada əlavə dəyər vergisinə cəlb olunması nəzərdə tutulur. Hazırda bu cür layihələr üzrə aparılan əməliyyatlar əlavə dəyər vergisinə sıfır dərəcəsi ilə cəlb edilir.
Redaktə xarakterli əlavə və dəyişikliklər vergilərin hesablanması və dönməsi mexanizminə təsir etmir. Bu düzəlişlər, əsasən, qanunvericiliyin konkret ifadə olunması, gələcəkdə məcəllənin müddəalarının mütəxəssislər, o cümlədən vergi orqanlarının işçiləri və vergi ödəyiciləri tərəfindən müxtəlif mənalarda izah olunmasının qarşısının alınması məqsədi daşıyır.
2008-ci ildə Vergilər Nazirliyi üzrə 5 milyard manat və ya 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 17,9 faiz və ya 760 milyon manat çox daxilolmalar nəzərdə tutulmuşdur. Bu artımın 80 milyon manatı və ya 10,5 faizi neft sektorunun, 680 milyon manatı və ya 89,5 faizi isə qeyri-neft sektorunun payına düşür. Ölkə iqtisadiyyatının bütün sahələri, xüsusilə neft sektoru üzrə proqnozların − vergi daxilolmalarının təmin edilməsi ilk növbədə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini tələb edir. Bu baxımdan növbəti ildə vergi daxilolmalarının artacağını və dövlət büdcəsinin gəlirləri üzərində effektli nəzarətin təmin olunmasının zəruriliyini nəzərə alaraq Vergi Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. Məjlum Şükürovun sualı var.
M. Şükürov. Çox sağ olun. Təşəkkür edirəm. Mənim 165.1.6-cı maddə ilə bağlı konkret bir sualım var. Bu bəndin Vergi Məcəlləsindən çıxarılması beynəlxalq təşkilatlardan, qurumlardan gələn maliyyə axınına təsir edəcəkmi? Əgər edəcəksə, bunu bizim komissiya necə dəyərləndirir? Belə bir suala cavab istərdim. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli Sədr, mən qısa bir çıxış edəcəyəm. Əvvəlcədən qeyd edim ki, bir qanun layihəsinə bu qədər çox düzəliş edilərkən hansı məsələ isə diqqətdən qaça və ziyana işlənən müddəalar əlavə edilə bilər, çünki belə hallar olur. Amma etiraf olunmalıdır ki, qanuna çoxlu düzəliş və əlavələrin edilməsinə baxmayaraq, – bunlarla mən diqqətlə tanış oldum, – bunların əksəriyyəti, həqiqətən, lazımlı, müəyyən dəqiqləşdirmələrə və konkretləşdirmələrə yönələn və faydalı olan dəyişikliklərdir. Ədalət naminə müsbət məsələləri də qeyd etmək mütləq lazımdır. Mən ancaq qanun layihəsindən danışmağa çalışacağam.
Hörmətli Vergilər Nazirliyinin rəhbərliyinin burada olmasından istifadə edərək deyim ki, bizim, ictimaiyyətin, sahibkarların onlardan bəlkə də onlara təbii görünən, çox ciddi narazılıqlarımız var. Bunu, büdcənin müzakirəsi zamanı qismət olsa, söz verilsə və ya imkan olsa, deyəcəyik. Mənim dediklərimin əsas hissəsi birinci düzəlişə aiddir. Azərbaycanda mütəxəssislər, xüsusən bu sahədə çalışan iqtisadçılar neft gəlirlərinin nəzarətdən və diqqətdən kənarda qalması barədə həmişə həyəcan təbili çalırlar.
Bilirsiniz ki, beynəlxalq müqavilələrə və hasilatın pay bölgüsünə, müqavilələrin müddəalarına görə, bu gəlirlər Vergi Məcəlləsinin müddəalarının tətbiqindən kənarda qalır. Yenə bu məcəlləyə görə, Dövlət Neft Fondunun da yerləşdirilmiş gəlirləri vergidən azaddır. İndi yeni bir əlavəyə görə, Vergi Məcəlləsindən kənar, digər qanunların müddəaları ilə tənzimlənəcək iki sahə olur. Bunlar ixraca yönəlmiş neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalardır. Yəqin, əsaslandırmaq mümkündür ki, nə üçün belədir və nə üçün Vergi Məcəlləsinin müddəaları bu sahələrdə tətbiq olunmamalıdır, ayrı müddəalarla tənzimlənməlidir?
Uzun müddət beynəlxalq şirkətlərlə bağlanmış müqavilələrin müstəqil qüvvəyə malik olması onunla izah edilirdi ki, Azərbaycanda həmin sahədə qanunvericilik müasir tələblərə cavab vermir və bu səbəbdən belə bir zərurət yaranmışdır. Bizim Vergi Məcəlləsinin ümumi konseptual müddəaları müasir tələblərə cavab verir. Dövlət nəzarətinin və bütövlükdə ictimai nəzarətin qanuni bir forması olaraq mümkün qədər Azərbaycan xalqının, Azərbaycan dövlətinin əsas gəlir mənbələrinin, gəlirlərinin Vergi Məcəlləsində nəzərdə tutulan mükəmməl müddəalarla tənzimlənməsi daha məqsədəuyğun olardı. Mövcud olan digər qanun müddəalarına nisbətən bu mexanizmi daha mükəmməl hesab edirəm. Hal-hazırda bir sıra qeyri-hökumət təşkilatları ilə birlikdə neft haqqında qanun layihəsini işləyib hazırlamışıq və çox yəqin ki, 5–10 günə bunu Milli Məclisə təqdim edəcəyik. Mən bu məsələ barədə ona görə danışdım ki, biz bundan sonra bağlanacaq neft müqavilələrində həmin məsələləri nəzərə alaq. Neft-qaz işi yalnız beynəlxalq şirkətlərlə bağlı deyil, Azərbaycanda uzun illərdir, Dövlət Neft Şirkəti də daxil olmaqla, hüquqi şəxslərin şirkətləri vasitəsi ilə aparılan əməliyyatlardan əldə edilən gəlirlərin Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənməməsi barədə müddəa vardır. İndi məlum olur ki, biz bunun üzərinə yenidən qayıtmalı, üzərində işləməli olacağıq. Mən hesab edirəm ki, bu cür böyük gəlirlərin unifikasiya edilmiş ümumi müddəalarla tənzimlənməsi daha doğru olardı. Burada hüquqi şəxslərin, ayrı-ayrı vergi ödəyicilərinin də mümkün qədər bərabərliyini təmin etmək lazımdır.
İkinci məsələ. Mən səhv etmirəmsə, 22-ci maddəyə yeni dəyişiklik edilir və Vergilər Nazirliyinin əməkdaşlarının sosial təminatı ilə bağlı büdcədənkənar fond yaradılır. Bu əvvəllər var idi. Səhv etmirəmsə, – mən yanlışlığa yol versəm, dəqiqləşdirərlər, – bu cür büdcədənkənar fondların ləğv edilməsi praktikası tətbiq olunurdu, özü də çox böyük həcmdədir. Burada vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin təxminən 30 faizi qədər vəsait nəzərdə tutulur. Bu olduqca çoxdur. Praktikada bir çox hüquq mühafizə orqanlarının cərimə qoymaq səlahiyyəti vardır. Ayrı-ayrı planlar qoyulmalı və cərimələr tətbiq olunmalıdır ki, büdcədənkənar fond üçün həmin məbləğ toplansın. Mən belə bir müddəanın olmasına diqqəti cəlb etmək istəyirəm. Əvvəllər məhz bu məsələlər əsas gətirilərək həmin müddəa qanunvericilikdən çıxarılırdı. Bütövlükdə Ziyad müəllimin çıxışındakı ümumi tona qoşuluram, vergi qanunvericiliyinin, həqiqətən, təkmilləşdirilməsi baxımından edilən dəyişikliklərin əksəriyyətinin müsbət təsiri olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədovun sualı var.
V. Əhmədov. Çox sağ olun. Mən Fazil müəllimə minnətdarlığımı bildirirəm. Son vaxtlar İqtisadi siyasət daimi komissiyası Vergilər Nazirliyi ilə çox ciddi işləyir və bir sıra məsələlərdə biz ümumi razılığa gəlmişik. Bayaq mən başa düşə bilmədim, Fazil müəllim, gəlir vergisinin tutulduğu məbləğin – 1500-ün 2000 ilə əvəz edilməsi ilə əlaqədar biz komissiyada razılığa gəldik və gəlir vergisi üçün 2000 rəqəmini əsas götürmək şərti ilə Milli Məclisin iclasına təqdim etdik. Amma indi görürəm ki, bu məsələ axıra çatdırılmayıb. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin. Bizim təklifimizdə əvvəl 3000 idi, sonra ümumi razılığa əsasən Vergilər Nazirliyi 1500 rəqəmini verdi, sonra isə biz komissiyada 2000 ilə razılaşdıq. Xahiş edirəm ki, bu rəqəm saxlanılsın.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, rəqəmlə bağlı deyildi ki, bu dəyişikliklər edilərsə, büdcə bir də hesablanmalı, fərq bilinməlidir, sonra deyəcəklər. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Vergi Məcəlləsində kifayət qədər vacib dəyişikliklər edilir. Edilən 77 dəyişiklik üç istiqaməti əhatə edir. Birinci, vergi inzibatçılığının gücləndirilməsi; ikinci, əlavə dəyər vergisindən yayınmaların qarşısının alınması üçün təkmil mexanizmin tətbiq edilməsi; üçüncü, vergi sanksiyaları mexanizmi vasitəsi ilə Vergilər Nazirliyinin işçilərinin daha səmərəli işləməyə stimullaşdırılması. Amma hər halda bu gün dünya sürətlə inkişaf edir, Azərbaycan da Avropa strukturlarına doğru gedir. Vergi Məcəlləsində edilən dəyişikliklər bilavasitə Azərbaycanın ümumi iqtisadi konsepsiyasından irəli gəlməlidir. Bir də Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Avropa ilə qonşuluq siyasəti ilə bağlı götürdüyü öhdəliklərdə nəzərdə tutulan məqamlar öz əksini tapmalıdır.
Biz komissiyada müzakirə zamanı bir sıra təkliflər vermişdik. Mən xüsusi təkliflə çıxış etmişdim. Ona görə də bunu Milli Məclisin nəzərinə çatdırmaq istəyirəm. Söhbət ondan gedir ki, bu gün biz dünyada yüksək artım tempinə nail olmuşuq. Bu artım ötən il 35, bu il 30 faiz olmuşdur. Hökumətin rəsmi proqnozlarına görə, 5 ildən sonra 35 faizlik artımdan 3,5 faiz səviyyəsinə enəcəyik. Bu o deməkdir ki, 2009-cu ildə biz adambaşına düşən ümumi daxili məhsula görə dünya göstəriciləri səviyyəsində artıma, dünya göstəricilərinə çatmadan MDB-nin göstəricisinə çatacağıq, yaxud MDB göstəricisinə çatan kimi MDB-nin artım tempindən aşağı düşəcəyik. Ona görə də 2007-2008-ci illərdə təkcə büdcəyə daha çox vəsait toplamaq yox, verginin stimullaşdırıcı rolunun artırılması istiqamətində ciddi tədbirlərin məhz indi həyata keçirilməsi vacibdir. Beynəlxalq maliyyə təşkilatlarının tövsiyələrində də dolayı vergilərin, spirtli içkilərə, zinət əşyalarına, tütün məmulatına vergilərin artırılması, amma müəssisələrin vergilərinin aşağı salınması, bir də əhalidən tutulan vergilərin yumşaldılması tövsiyə olunub. Azərbaycanda da məhz bu tövsiyələrə əməl edilməsi istiqamətində Vergi Məcəlləsində dəyişikliklərin edilməsi vacibdir.
Biz təklifimizi konkret formada çatdırırıq. Bu həddən artıq vacib məsələdir. Vergi tutulan məbləğin yuxarı həddini dedik, amma aşağı həddini də deyəcəyik. 30 manatdan vergi tutulmur. Azərbaycanda minimum əmək haqqı 50 manatdır, 30 manat alan 60 min nəfərdən aşağıdır. Deməli, vergi güzəştli aşağı təbəqə yoxdur. Ona görə də hesab edirik ki, bu il biz minimumu dəyişib 75 manata çatdıran zaman 101-ci maddədə belə bir dəyişikliyin edilməsi vacibdir: “75 manatadək vergi tutulmur, 76 manatdan 2000 manata qədər 75 manatdan çox olan məbləğin 12 faizi səviyyəsində, 2000 manatdan çox olduqda 231 manat üstəgəl 2000 manatdan çox olan məbləğin 25 faizi səviyyəsində...”
Niyə məsələni belə qoyuruq? Məsələnin aprobasiya hissəsini izah edim. Dünyada fiziki şəxslərdən ən aşağı gəlir vergisi Rusiyada tutulur. Baxmayaraq ki, aşağıdır, Rusiyada əhalidən MDB-nin orta göstəricilərinə görə də, Şərqi Avropadan, Pribaltika respublikalarından da daha çox vergi yığılır. Ümumi daxili məhsulun 2,4 faizi qədər MDB ölkələrində, bundan bir qədər aşağı Şərqi Avropa ölkələrində, Rusiyada isə 3,3 faizi qədər vergi yığılır. Vergiləri aşağı salmaqla büdcəyə daxilolmalar azalmır, multifaktik effektlə artmağa başlayır. Hesab edirik ki, əgər biz bu gün MDB-nin orta göstəricisi səviyyəsində əhalidən 2,4 faiz vergi yığırıqsa, mənim təklif etdiyim varianta keçəndən sonra Rusiyanın səviyyəsinə çatacağıq. Heç nə etmədən gəlib orta vəziyyətə çatmışıq. Biz aşağı təbəqənin sosial müdafiəsini gücləndirməyə çalışmalıyıq. Əhalinin çox hissəsi 100 manata qədər maaş alır, bu məbləğdən 14 faiz götürməzlər. Bu hissədə bir balaca dəyişiklik etmək, 35 faiz soyğunçu dərəcədir, bunu 25 faizə endirməklə MDB-nin digər ölkələrindəki kimi 18 faiz dərəcəsinə yaxınlaşarıq. Bu da Azərbaycan üçün beynəlxalq təşkilatların tövsiyə etdikləri məhz həmin yumşaq vergi dərəcəsidir
İkinci məsələ əlavə dəyər vergisi ilə bağlıdır. Dünya praktikasından məlumdur ki, vergi aşağısı 5-6, yuxarısı 15 faiz olanda yaxşı işləyir. Bizdə 18 faizdir. Əgər biz bunu ildə 1 faiz aşağı salsaq, Vergilər Nazirliyi xətti ilə 60 milyon manat itiririk. Amma 60 milyon manatın sonradan 1 milyarda qədər əlavə gəlir gətirməsi mümkün olacaq. Bunu da fikirləşmək lazımdır.
Sadələşdirilmiş vergi, hesab edirəm ki, inqilabi dəyişiklikdir. Baxmayaraq ki, bunun xeyli dərəcədə səhv cəhətləri, müəyyən çatışmazlıqları var, amma sadələşdirilmiş verginin təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır. Burada təkmilləşdirilməli məqamlar var. Məsələn, 220.1.1-ci maddədə əvvəllər 2,4 faiz idi, indi bu, 10 faizə çatdırılır. Niyə? Bu müəyyən qarışıqlıq əmələ gətirir. Sadələşdirilmiş vergi dərəcəsinin 2,4 faiz kimi tətbiqini vacib hesab edirik. Bu bilavasitə neftdən kənar sahələrin inkişafının sürətləndirilməsində çox böyük əhəmiyyət kəsb edən sahədir. Ona görə də bunun inkişaf etdirilməsini vacib sayırıq. Azərbaycanın neftdən sonra inkişafı texnika, texnologiya, innovasiya ilə bağlıdır.
Əvvəllər Azərbaycan Respublikasının Vergi Məcəlləsində olan bir maddənin bərpa edilməsinə ehtiyac var. Söhbət 106-cı maddədən gedir. Biz həmin təklifi bir də təkrar edirik. Ölkədə istehsalın qabaqcıl texnika və texnologiyaya əsaslanan inkişafını təmin etmək, innovasiya fəallığını artırmaq, eləcə də idxalın yerli istehsalı üstələməsi təhlükəsini aradan qaldırmaq məqsədi ilə Vergi Məcəlləsinin 106-cı maddəsinə mənfəətin qabaqcıl texnologiyaya əsaslanan istehsalın genişləndirilməsinə yönələn hissəsinin vergidən azad edilməsi barəsində müddəanın salınmasını təklif edirik. Bilirsiniz ki, ölkələr bir-biri ilə yarışa girən zaman məhz bu maddəni salmaqla böyük üstünlüyə nail olublar, elm və texnikanın praktikaya tətbiqini sürətləndirmək üçün məhz həmin maddədən istifadə ediblər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, həmin məsələ həddən artıq ciddi xarakter daşıyan məsələdir. Bunun tətbiqi Azərbaycanda elmi-texniki tərəqqinin sürətləndirilməsi, bizim innovasiya relsinə keçməyimiz üçün çox əhəmiyyət kəsb edən məsələdir.
Bir də təkrar edirik. 75 manata qədər əmək haqqından verginin tutulmaması; ikinci, vergi tutulan məbləğin yuxarı həddinin 1000 manatdan 2000 manata çatdırılması; verginin 35 faizdən 25 faizə endirilməsi MDB məkanında ən yaxşı praktikadır, fiziki şəxslərdən tutulan verginin faizinin artırılması üçün güclü stimul yaradan bir variantdır. Xahiş edərdim, bu, nəzərə alınsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Vergi Məcəlləsinə edilən bu dəyişikliklərin bir çox maddələrini aktual və məqsədəuyğun hesab edirəm. Xüsusilə də vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, əlavə dəyər vergisi ilə bağlı prosedurların sadələşdirilməsi baxımından bu olduqca faydalıdır. Lakin hesab edirəm ki, bu məsələdə hələ müəyyən problemlər vardır, bunların da gələcəkdə nəzərə alınması vacibdir. Xüsusilə də səhmdar cəmiyyətlərin fəaliyyətləri ilə bağlı, – mən büdcə müzakirələri zamanı çıxış edəcəyəm, – çox ciddi problemlər vardır. Mənfəətin gizlədilməsi ilə bağlı çox böyük problemlər var, vergi yükü daha çox aztəminatlı sahibkar təbəqəsinin üzərinə düşür, bu da onların inkişafının qarşısını alır. Ona görə bu istiqamətdə də, məncə, gələcəkdə qanunvericilikdə ciddi tələblərin qoyulması vacibdir.
Konkret maddələrlə bağlı nəyi demək istərdim? Burada 2.4.7-ci maddədə edilən birinci dəyişiklikdə ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar qeyd olundu. Ümumiyyətlə, belə bir qayda, olmayan qanunlara istinad etmək bir qədər qəribə qarşılanır. Belə qanunlar qəbul olunmayıbsa, ümumiyyətlə, “bu istiqamətdə qanunvericilik” sözlərinin işlədilməsi daha doğru olar. Bizdə neft-qaz fəaliyyəti haqqında qanun qəbul olunması nəzərdə tutulur. Bu maddədə isə sanki yalnız ixrac məqsədli neft-qaz fəaliyyətini nəzərdə tutan bir qanundan söhbət gedir. İndidən bunu müəyyən etməyimiz, məncə, doğru deyil. Ona görə də bu maddənin dəqiqləşdirilməsinə ehtiyac var. Bunu “ümumi qanunvericilik” kimi göstərməyimiz, məncə, daha dəqiq olardı.
İkinci, dördüncü dəyişiklik – 13.2.5.3-cü maddədə edilən dəyişiklik də, hesab edirəm, yerində olan dəyişiklikdir. Amma burada deyilir: “...idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur”. Bu yeri kim müəyyən edəcək? Vergi orqanı müəyyən edəcək, ya vergi orqanında qeydiyyatdan keçən hüquqi şəxs? Onun əsas fəaliyyət yerinin məhz hara olduğunu kim bildirəcək? Elə adamlar var ki, kommersiya qərarlarını 3-4 ayrı-ayrı yerdə müəyyən edirlər, yaxud da əsas fəaliyyət yerləri bir neçə ədəd olur. Bunun da dəqiqləşdirilməsinə ehtiyac var.
Onuncu dəyişiklikdə, 16.1.10-cu maddədə, hesab edirəm ki, satışla məşğul olan hüquqi şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilən müddəalar var. Nəzarət-kassa aparatının işləməməsi, bunun qarşısının alınması üçün müvafiq icra orqanının bu vəziyyətdə hansı qaydaların tətbiq olunmasını təklif etməsi normaldır. Amma burada məlumatın dərhal verilməsi, məncə, aydınlaşdırılmalıdır. Çünki hər hansı bir şəkildə sahibkarın vergi orqanları ilə münasibətinin qeyri-dəqiq qalmasının qarşısının alınması üçün mütləq müddət müəyyən olunmalıdır. Məsələn, “5 saat ərzindəmi, yaxud iş gününün sonuna qədərmi məlumat verilməsi, ya bir gün müddətində məlumat verilməsi” sözlərinin maddəyə salınması daha doğru olardı.
22.2-ci maddədə maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına büdcədənkənar fondun yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, cərimə toplamağa səlahiyyəti olan orqanların hamısı üçün ümumi qayda müəyyən olunmalıdır. Büdcədənkənar fondun formalaşdırılmasının dəqiq mexanizmi göstərilməlidir ki, bu fond həmin orqanları heç bir halda əlavə cərimələrin sayının çoxalmasına stimullaşdırmasın. Biz bunu nəqliyyat, yol hərəkəti haqqında qanunlarda dəyişikliklərdə də görəcəyik.
Vergiləri artırmaqla vətəndaşa zərər verə biləcək bir vəziyyət ortaya çıxır ki, buna da, hesab edirəm, yol vermək doğru deyil. Bir də burada sanksiyaların məbləğinin qaldırılması ilə bağlı bəzi məsələlər var. 57.2-ci maddədə göstərilir ki, vergi orqanının rəhbərinin qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məncə, maliyyə sanksiyasının əsaslandırılmadan ikiqat qaldırılması yenə də sahibkarların hüquqlarının pozulmasına gətirib çıxaracaq.
Müsbət dəyişikliklər mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlıdır. Amma burada sadələşdirilmiş vergi ilə bağlı təkliflərdən gördük ki, Bakı və digər rayonların, Naxçıvan Muxtar Respublikasının ayrıca təsnifatı aparılıbdır. Məncə, mənzil tikintisi fəaliyyəti ilə bağlı reallıq elədir ki, Bakını və Bakı ətrafını digər rayonlardan ayırmaq üçün ayrıca təsnifat müəyyənləşdirmək daha məqsədəuyğun olardı. Onda hər kvadratmetrə görə əlavə dəyər vergisi təyin etmək üçün minimum dövriyyənin miqdarı da, hesab edirəm ki, reallığa daha çox uyğunlaşdırıla bilərdi.
Nəhayət, 36-cı, 100.1-ci maddə ilə bağlı dəyişiklik də, hesab edirəm ki, olduqca vacib dəyişiklikdir. Ölkədə, düzdür, inflyasiya ilə bağlı problemlər var, amma əhalinin əmək haqlarının artırılması meyli varsa, əhali vergilər hesabına yaşayış şəraitini yaxşılaşdıra bilmir. Ona görə də, məncə, vergi faizlərinin endirilməsi ölkənin iqtisadi imkanlarına heç bir xələl gətirməyəcək. Mən bunu da müsbət qarşılayıram. Ümumiyyətlə, bu dəyişikliklərin əksər müddəaları, hesab edirəm ki, zəruridir. Bu, vergi sisteminin təkmilləşdirilməsi və vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi üçün faydalı olar. Mən bu layihəyə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən vergi qanunvericiliyinə edilən dəyişikliklər və əlavələrlə bağlı iki məsələyə münasibət bildirmək istəyirəm. Məlumdur ki, vaxtı ilə sadələşdirilmiş vergi iddiasını ortaya atanda əsas məqsəd sahibkarın bir neçə deyil, bir vergi ödənişini təmin etmək və beləliklə, vergitutma sistemini sadələşdirmək, sahibkarın vergidən yayınma hallarını azaltmaq olmuşdur. Dünyada qəbul edilmiş bu praktikaya uyğun olaraq Azərbaycanda da Vergi Məcəlləsi tətbiq ediləndə üç vergi götürüldü və əvəzində bir sadələşdirilmiş vergi tətbiq edildi. Ancaq ötən il vergi qanunvericiliyində edilən dəyişiklik əsasında bu praktikaya son qoyuldu və tikinti sektorunda da vergiyə cəlb edilməni tənzimləyən 159.9-cu maddə qəbul edildi.
Bu maddə ilə tikinti sektorunda çalışan sahibkarların həm sadələşdirilmiş vergi, həm də əlavə dəyər vergisi ödəməsi qanunvericiliklə təsbit olundu. Mən bu sistemi sadələşdirilmiş verginin fəlsəfəsinə zidd hesab etməklə, tikinti sektorunun hər iki vergiyə cəlb edilməsini vergi sistemini ağırlaşdıran və mürəkkəbləşdirən bir hal kimi qiymətləndirirəm. Fikrimcə, bu cür mürəkkəb mexanizmlər, əslində, vergidən yayınmanı, daha çox sənədlər, hesabatlar tələb edilməsini stimullaşdırır. Hesab edirəm ki, tikinti sektorunu əlavə dəyər vergisinə cəlb etməkdənsə, sadələşdirilmiş vergi üçün nəzərdə tutulan baza əmsalını artırmaq daha məqsədəuyğun olardı.
Digər tərəfdən, keçən il bu məsələ müzakirə ediləndə əlavə dəyər vergisi üçün baza əmsalının müəyyənləşdirilməsi Nazirlər Kabinetinə həvalə edildi. Nazirlər Kabineti isə ilin sonunda, yəni 2007-ci il sentyabrın 25-də bunu müəyyənləşdirdi, qaydalar hazırladı, məbləğ təyin etdi. Təsəvvür edin ki, bir il əvvəl sadələşdirilmiş vergi üçün baza əmsalı Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Əlavə dəyər vergisi məqsədi üçün minimum dövriyyənin müəyyən edilməsi müvafiq icra hakimiyyətinə həvalə edilir. Müvafiq icra hakimiyyəti orqanı isə bir il müddətində fəaliyyətsiz qalır və bu səbəbdən də bütün bir il ərzində Vergi Məcəlləsinin bu tələbi işləmir, mənzil tikintisi vergidən yayınır. Nazirlər Kabinetinin bu qərarından cəmi 20 gün sonra isə bu məsələ yenidən Milli Məclisin müzakirəsinə çıxarılır. Buna nə ad vermək olar? Bu, qanunvericilik praktikasına hörmətsizlik deyildirmi? İstərdim ki, buna aydınlıq gətirilsin.
İkinci məsələ Vergilər Nazirliyinin fondu ilə bağlıdır. Məlumdur ki, Vergilər Nazirliyinin özünün həvəsləndirmə fondu, inkişaf fondu vardır. Dəfələrlə beynəlxalq təşkilatlar bu məsələyə toxunaraq bildiriblər ki, dövlət orqanlarında belə bir fond olmamalıdır. Yəni bu fond ləğv edilməlidir, büdcədə oturmalıdır. Əgər vergi orqanlarının işçilərinin maddi həvəsləndirilməsinə və ya əmək haqlarının yüksək olmasına ehtiyac varsa, bu, qanunvericilik qaydasında Nazirlər Kabinetinin qərarı ilə həll edilsin. Bu məsələ beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qaldırılmış və hökumət bu fondun ləğv olunacağını bildirmişdi. Ancaq bugünkü layihədən məlum olur ki, həmin fond yenidən saxlanılır. Sadəcə, onun hesablama forması və mexanizmi dəyişdirilib.
Əgər bu fond əvvəlki qaydada Vergilər Nazirliyinin büdcəyə ödədiyi məbləğin artıq hissəsinin 50 faizi hesabına yaradılırdısa, bugünkü layihədə həmin qayda dəyişdirilir və həvəsləndirmə fondunun maliyyə sanksiyalarının məbləği əsasında yaradılması təsbit olunur. Yəni bu fond vergi orqanlarının tətbiq etdiyi maliyyə sanksiyalarının 5 faizi hesabına yaradılacaqdır. Əvvəla, bu mexanizmin qəbulu vergi orqanlarının maliyyə sanksiyalarına meyl göstərməsini stimullaşdıracaqdır və buna nəzarət etmək çətin olacaqdır. Digər tərəfdən, hansısa bir büdcə təşkilatının bu şəkildə fondunun olması qəbuledilməzdir. Vergi orqanlarının işçiləri məmurdurlar, əgər onların məvaciblərini əlahiddə şəkildə tənzimləməyə ehtiyac varsa, bu iş Nazirlər Kabinetinin qərarı ilə aparılmalı, onlara həvəsləndirici mükafatlar, əmək haqqı dövlət tərəfindən verilməlidir. Burada böyük vəsaitdən söhbət gedir və həmin vəsaitə nəzarət mexanizmi yoxdur. Əslində, dövlət orqanlarında paket əmək haqqı sisteminə məhz bunlar şərait yaradır. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Təşəkkür edirəm, cənab Sədr! Mən də hesab edirəm ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər və əlavələr müəyyən obyektiv zərurətdən meydana gəlir. Bu barədə İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad müəllim, eyni zamanda, vergilər naziri Fazil müəllim geniş məlumat verdilər. Düzdür, komissiyada müzakirə zamanı bir çox suallar yaranmışdır. Biz bu materiallarla fərdi şəkildə tanış olarkən həmin suallar öz cavablarını tapmışdır.
Azərbaycan Respublikası iqtisadiyyatının özünəməxsus spesifik xüsusiyyətləri vardır. Azərbaycanda vergi daxilolmalarının strukturu tamamilə başqadır. Yəni onu istənilən MDB və ya uzaq xarici ölkələrlə müqayisə etmək, onların iqtisadi normalarına istinad etmək, fikrimcə, o qədər də məqsədəuyğun olmazdı. Amma dəyişikliklər və əlavələrdə nəzərdə tutulan vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində nəzərdə tutulan müddəalar, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların öz hüquqlarından istifadə etmək səlahiyyətlərinin artırılması kimi məsələlər istər humanitar, istərsə də fiskal baxımdan söylənildi. Dəyişikliklər Azərbaycan iqtisadiyyatının qarşısında duran və müəyyən olunan strategiyanın uğurla həyata keçirilməsinə yönəlmişdir və buna xidmət edir. Çox güman ki, bizim büdcə daxilolmalarının toplanmasında əsas yer tutan Vergilər Nazirliyinin fəaliyyətində, qanunvericilik səlahiyyətində belə dəyişikliklərin edilməsi zəruridir.
Burada fondlar barədə söylənilən fikirlərə mən hörmətlə yanaşıram. Amma mən bir şeyi bilirəm və bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm. Vergilər Nazirliyi böyük bir vəsaitin büdcəyə cəlb edilməsində aparıcı bir qüvvə, icra hakimiyyəti orqanı olmasına baxmayaraq, kənardan bir mütəxəssis çağırmaq, bu və ya digər mənada onun biliyindən, təcrübəsindən faydalanmaq, müəyyən sualların aydınlaşması üçün ona vəsait ayırmaq imkanı yoxdur. Mən güman edirəm ki, belədir. Xəzinə ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər vardır. Ona görə də nazirliklərdə, müvafiq icra hakimiyyəti orqanlarında hər hansı bir imkanın, vəsaitin olması və həmin vəsaitin vergilərin düzgün yığılmasına nəzarətin həyata keçirilməsinə, kadrların bu və ya digər səviyyədə səriştələrinin artırılmasına xidmət etməsinə sərf olunması arzu və istəklərindən irəli gələ bilər. Mən güman edirəm ki, bu fondun yaradılması məqsədəuyğundur. Müzakirələr zamanı biz bu məsələlərlə rastlaşmışıq. Amma mən deyərdim ki, məcəllədə, söz yox ki, ümumiyyətlə, bu həmişə deyilibdir.
Vaxtı ilə ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində əmlak vergisi barədə demişdir. Əmlak vergisinin tam yığılmaması barədə hörmətli nazir Fazil müəllim də bir neçə dəfə etiraf xarakterli fikir söyləmişdir. Təqdim olunan büdcə sənədlərində artım yaxşıdır. Bu vergilərin on dəfəyədək artırılmasının proqnozlaşdırılması yaxşı nəticədir. Amma mən hesab edirəm ki, əvvəldən müəyyən olunmuş əmlak vergisinin on dəfə artırılması o qədər də qənaətbəxş deyildir. Yaxşı olardı ki, müvafiq tədbirlər görülməsi yönümündə Vergilər Nazirliyi təkliflərini irəli sürsün. Bunu mən iki amillə izah edə bilərdim. Bir tərəfdən, dediyim kimi, biz həmişə ümumi büdcə gəlirlərində əmlak vergisinin azlığını müşahidə etmişik. Bizə qonşu ölkələrdə də bu reallıq var. Digər tərəfdən, bizdə əmlak artımı, əmlak bazarının genişlənməsi başqa ölkələrlə müqayisə olunmaz dərəcədə yüksəkdir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə növbəti hər hansı bir addım atılması əmlakdan səmərəli istifadəyə, əmlak bazarının formalaşmasına, qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərərdi. Bu mənim arzumdur. Hörmətli nazir Fazil müəllimin də bu fikirlərlə razılaşdığını eşitmişəm. Gələcəkdə, yəqin ki, bu məsələyə baxılacaq.
Mən hesab edirəm ki, istər vergi daxilolmalarının artımına, istərsə də ölkə iqtisadiyyatının ahəngdar inkişafına yönəlmiş və xidmət edən bu cür dəyişikliklər və əlavələrin qəbul edilməsi tamamilə yerinə düşər, məqsədəuyğun olardı. Müstəqillik əldə etdikdən sonra biz bir neçə qanunlarla vergiləri idarə edirdik, tənzimləyirdik. Məcəllə qəbul olundu, sonra dəfələrlə həmin məcəlləyə dəyişikliklər və əlavələr edildi, amma bugünkü dəyişikliklər və əlavələr zamanın, bazar iqtisadiyyatının tələblərinə uyğundur, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına xidmət etməsi tələblərindən irəli gəlir. Bu baxımdan da mən deputat həmkarlarımı Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən görürəm ki, çıxış edənlərin əksəriyyəti İqtisadi siyasət komissiyasının üzvləridir. Gündəlikdə məsələlər çoxdur, xahiş edirəm, bir az konkret çıxış edin. Siyavuş Novruzov.
S. Novruzov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri dəstəkləyirəm, çünki burada vacib məsələlər öz əksini tapıb. Ölkəmizin iqtisadiyyatının inkişafı, yeni investisiyaların gəlişi, ölkə əhalisinin əmək haqqının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Vergi Məcəlləsində də daim təkmilləşdirmə işinin aparılması məqsədəuyğundur, qanunauyğundur və deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram.
Burada həmkarlarımız bir neçə məsələyə toxundular, hər iki məruzədə bu dəyişikliklərin obyektiv, subyektiv tərəfləri göstərildi. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər məhz Azərbaycanda gedən prosesləri tənzimləmək məqsədi ilə edilir. Bunu digər ölkələr ilə müqayisə etmək lazım deyil, biz daha irəli baxmalıyıq. Amerika Birləşmiş Ştatları, Avropanın aparıcı dövlətləri ilə müqayisə edə bilərik. Vergi Məcəlləmiz bu istiqamətdə təkmilləşdirilməlidir.
Mənim bu layihə ilə bağlı bir neçə təklifim olacaqdır. Həmin təkliflərim bu işin səmərəliliyinin artırılması, vergidən yayınanların vergiyə cəlb olunması və bunun hüquqi və digər istiqamətlərdə tənzimlənməsinə xidmət edəcəkdir.
Birinci növbədə kassa aparatları vacibdir, zəruridir, onların qoyulması önəmlidir, çünki bununla yayınmanın qarşısını almaq mümkündür. Amma bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycanda artıq çoxdan kart sisteminə keçilibdir. Ən çox kütləni əhatə edən pensiya sistemində də belədir. Bu gün 1 milyon 300 mindən artıq pensiyaçı öz pensiyasını kartla alır. Azərbaycanda bir-iki böyük supermarketi və yaxud da restoranı çıxmaq şərti ilə, qapısında yazılsa da, restoranların, marketlərin heç biri kartla işləmir. Mən yoxlamaq üçün bir neçə dəfə kartla ödəmək istəmişəm. Gah deyiblər aparatımız xarab olub, gah da onu işlədən xəstələnib və sair. Bunlar hamısı onu göstərir ki, adamlar vergidən yayınmaq üçün belə addımlar atırlar. Ona görə də bu məsələni ciddi şəkildə tətbiq etmək lazımdır, çünki pul kartdan çıxarılanda həm pulu ödəyən, həm də pulu alan ona nəzarət edir. Üstəlik, bank da buna nəzarət edir. Artıq orada qeyd olunan məbləğin vergidən yayınması mümkün olmayır. Ona görə mən hesab edirəm ki, kassa aparatları ilə yanaşı, kart sisteminin də tətbiqinə ciddi şəkildə baxmaq lazımdır. Dünyanın hər yerində, hətta bazarda alver edənin əlində həmin aparatdan var. Kartı verirsən, qeydiyyatdan keçirir, pulu çıxarıb çekini verir. Bizdə böyük, bər-bəzəkli supermarketlər, ticarət, iaşə müəssisələri bəlkə də 3-4 mərtəbəni əhatə edir, amma heç birində kart sistemi işləmir. Bu da onların vergidən yayınmasını göstərir.
İkinci məsələ ictimai nəqliyyatdan istifadə ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 149-cu maddəsində nəqliyyatda biletsiz getmək məsələsi göstərilir. Biz İnzibati Xətalar Məcəlləsinə salmışıq ki, biletsiz getmək olmaz və bilet alınmalıdır və qeydiyyatdan keçməlidir və buna görə cərimə tətbiq edirik. Belə olan halda bu gün hansı ictimai nəqliyyatda biletə rast gəlirik? Bu sıradan metronu çıxmaq lazımdır, müvafiq jeton almalı və ondan istifadə etməlisən. Yerdə qalan ictimai nəqliyyatın heç birində bu sistem tətbiq olunmur. Orada işləyən, çalışan hər hansı bir sürücüdən söhbət getmir, onsuz da o, günəmuzdunu işləyir və haqqını alır. Onun arxasında duran hər hansı bir insan dövlət vergisindən yayınır, cibini doldurmaqla məşğul olur. Məhz bunun qarşısını almaqdan ötrü ictimai nəqliyyatda da həmin sistemin tətbiqi daha məqsədəuyğundur. İstər kassa aparatlarının qoyulması, istər orada plastik kartlardan istifadə olunması və istərsə də nəqliyyat vasitəsinin içərisində biletlərin satılması bir sıra qanunsuz halların qarşısını ala bilər.
Üçüncü, tikinti sektoru ilə bağlı burada deputat həmkarlarım qeyd etdilər. Bunlar bir neçə struktura aid məsələlərdir. Amma ölkədə bütün məsələləri tənzimləyən hüquq mühafizə orqanlarının müdaxilə etməməsi ilə yanaşı, bu sektorun işi vergi orqanları vasitəsi ilə tənzimlənə bilər. Müəyyən insanların əmək haqlarının azaldılması, əmək haqqının əmək haqqı cədvəlində bir cür yazılması və başqa cür ödənilməsi vergidən yayınma halları yaradır. Həmin yayınma əgər vətəndaşın xeyrinə olsa, mən bir təhər gözümü yumardım, belə yayınma vətəndaşı gələcəkdə pensiya almaq hüququndan məhrum edir, çünki pensiya fonduna pul ödənilməyir. Sosial sığorta üçün pul ödəməlidir. Bunları ödəmirlər, çünki məqsədli şəkildə vergidən yayınırlar. Bunun da nəticəsində dövlət büdcəsinə toplanan verginin, sonradan səhiyyəyə, təhsilə sərf olunan xərclərin məbləği azalır. Buna görə də həmin məsələyə də diqqət yetirilməlidir.
Sanksiyaların tətbiqi ağırlaşdırılır. Biz indi nəqliyyat haqqında da qanun layihəsinə baxacağıq. Amerikada bir dəfə sanksiya tətbiq olunan ömürlük özünə gələ bilmir. Ona görə də vətəndaş bilir ki, qanunu pozsa, elə bir sanksiya, elə bir cərimə qoyacaqlar ki, evini də satmalı olsa oradan qurtara bilməz. Yüngül, 3-5 manat, 7-10 manatla olmaz. Sanksiya ciddi olmalı və ona da ciddi nəzarət edilməlidir ki, qanun pozulmasın.
Başqa bir məsələyə, mülkiyyət vergisi ilə əlaqədar məsələyə həmkarım Xanhüseyn müəllim qismən toxundu. Bu gün Azərbaycanda mülkiyyət vergisi ilə əlaqədar çox ciddi bir məsələ var. Orta əsrlərdə Almaniyada çəpərləmə siyasəti var idi, bir qrup adam çəpərləyirdilər, divar çəkirdilər, torpaqlar da görünmürdü. Azərbaycanın ərazilərinə çəpər çəkiblər, nə istifadə edir, nə də təsərrüfat əhəmiyyətli torpaqlarda əkin-biçin olmasına imkan verirlər. Qapısına da tüfəngli bir nəfəri oturdublar. Kefi nə vaxt istəsə, burada bostan əkəcək, ev, yaxud villa tikəcək. Bunun vergisi tətbiq olunsa, belə hərəkətləri edə bilməzlər. Bilər ki, vergini ödəməsə, sabah gəlib torpağın əvvəlcə 50 faizini, sonra 100 faizini əlindən alacaqlar. Bu sanksiya ciddiləşməlidir.
Dənizin dörd bir ətrafı hasara alınıb. Pulunu verirlərsə, bizim heç bir iradımız yoxdur. Zəhmət çək, vergisini ver. Vergini verməyəndə iştahası artır, deyir qonşunun da, digərinin də sahəsini alım. Bakıda doqquzmərtəbə, onmərtəbə binalar tikilibdir, gedirsən bir dənə boş mənzil yoxdur, hamısını alıblar, qapısını bağlayıblar. Bunlar istifadə olunmalıdır ki, vergisi verilsin. Amerikada 100 min dollar vəsait alırsansa, əgər onu investisiyaya qoymursansa, onun 90 faizi vergi kimi tutulur. Ya onu investisiyaya qoymalısan, ya da pul kütləsini ortadan çıxarmalısan. Bunun nəticəsi olaraq qiymətlər qalxır, kasıb təbəqə mənzil almaq hüququndan məhrum olur.
Əgər ciddi vergi sistemi tətbiq etsək, mülkiyyət vergisini bir neçə dəfə, 10, 20, 50 qat artırsaq, adam fikirləşəcək ki, mənə iki ev lazımdır, alıram, burada yaşayıram. Hansı yolla alır, Allah işini xeyir eləsin. Amma 58 ev alıb, qapını bağlayıb ölkədə qiymət qaldırmağa xidmət etməsin. Bu məsələlərə də ciddi yanaşaq, Vergi Məcəlləsinə əlavələr edək, ciddi sanksiyalar tətbiq olunsun və zəhmət çəkib dünya ölkələrində olduğu kimi əmlakının vergisini versin.
Qalan dəyişiklərlə mən razıyam. Bir təklifim də var. Burada 1500 manata qədər olan gəlirlərdən 14 faiz vergi tutulmasını dedilər. Fazil müəllim də fikrini bildirdi. Bunu 2000 manata çatdırsaq, daha məqsədəuyğun olar, çünki ölkəmiz iqtisadi cəhətdən elə inkişaf edir ki, bir neçə aydan sonra hətta bu məbləği də ötüb keçəcəkdir. Əmək haqları artır, büdcə gəlirləri keçən il 7 milyard idisə, indi 10 milyarddan yuxarıdır. Bu göstərir ki, insanların rifah halı da yaxşılaşır. Ona görə də 2000 manatdan yuxarı məbləğin 35 faizini vergi kimi vermək olar. Amma 2000 manata 14 faiz vergi tətbiq olunsa...
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Həmkarlarım artıq bu məsələlərə toxundu. Mənim çıxışım qısa olacaq. Vergi Məcəlləsinə dəyişikliyi biz də dəstəkləyirik. Bunlar çox önəmli dəyişikliklərdir, amma istərdim, hörmətli Fazil müəllim buna aydınlıq gətirsin. Bu maddə ətrafında söhbət artıq genişləndi.
22.2-ci maddədə yazılır: “Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına (dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla) bu orqanların büdcədənkənar fondu yaradılır”. Vergi orqanları işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq vacibdir, çünki ölkəmizdə inkişaf gedir, onlarda da çətin bir sahədir.
Bunu dövlət büdcəsi hesabına etmək mümkündürmü? Biz niyə büdcədənkənar fond yaratmaqla bunu etmək zərurəti qarşısında qalırıq? Dövlət büdcəsi vəsaiti hesabına o işçilərin əmək haqları ödənilirsə, bunu da etmək olar. Burada əsas məntiqin nədən ibarət olması açıqlansa, bəlkə biz bunun mahiyyətini dərk edərik. Bu az vəsait deyil. “Dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla” yazılıbdır. Böyük məbləğdə olan bu vəsaitlərə nəzarət mexanizmi də artıq ortaya çıxır. Onun xərclənməsinə nəzarət mexanizmi necə olacaq və subyektivlik ortaya çıxmayacaqmı? Əgər işçilərin sosial müdafiəsi məqsədi ilədirsə, bunu büdcə ilə etmək mümkün deyilmi? Büdcədənkənar bir fonda nə dərəcədə ehtiyac olmasına, mən istərdim, ciddi aydınlıq gətirilsin.
İkinci bir məsələ. Vergilər Nazirliyi kimi bizim bəzi nazirliklərin də sanksiya tətbiq etmək və cərimələr almaq səlahiyyətləri var. Vergilər Nazirliyi üçün bu qəbul olunarsa, komissiya sədri buradadır, məsələn, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də sabah belə bir təkliflə gəlməyəcəkmi? Onlar da deyə bilərlər ki, biz də cərimə kəsirik, sanksiyalar tətbiq edirik və bu vəsaitlərdən bir fond yaratmaq, işçilərimizin sosial müdafiəsini yaxşılaşdırmaq istəyirik. Buna da istərdim ki, aydınlıq gətirilsin.
Fazil müəllimdən bir xahişim də var. 16.1.10-cu maddəyə də aydınlıq gətirsin. Maddədə deyilir: “istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq”. İndi “dayandırmaq” sözündən sonra “və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək” əlavə olunur. Nə qədər vaxta, 10 günə, yaxud 15 günə olmalıdır? Konkretlik olmalıdır, çünki nəzarət-kassa aparatı xarab olduğuna, onun təmirinə görə vaxtı uzatmaq kimi hansısa sui-istifadələrə yol verilə bilər. Bilmək istəyirəm ki, vaxt məsələsi necə tənzimlənər?
Üçüncü bir məsələni məndən qabaq həmkarım Siyavuş Novruzov dedi, mən də onun tənqidini dəstəkləyir və bu barədə Fazil müəllimin fikirlərini bilmək istəyirəm. Dünyanın hər yerində, o cümlədən Azərbaycanda da kart sistemi var. Bu gün çox adam, deputatından tutmuş pensiyaçısına qədər, xüsusilə də büdcədən maliyyələşən təşkilatların əksəriyyəti kart sistemindən istifadə edir. Bir iş var ki, insanlar mağazadan, dükandan bir şey almaq istəyirlərsə, heç vaxt kartlarından istifadə edə bilməzlər, çünki banka getməli, nağd pul çıxarmalı, sonra gəlib hesablaşma aparmalıdırlar. Bu hal dünyanın harasında var? Bəs onda biz niyə kart sisteminə keçmişik? Nəyə görə bizdə kart sisteminə keçid prosesi ciddi şəkildə sürətlənmir? Həmkarım çox gözəl dedi ki, bu, vergidən yayınma ilə yanaşı, nağd pul hesablaşmaları üzərində də ciddi nəzarət yaradar.
Bu gün inflyasiyanın, vergidən yayınmanın qarşısının alınmasından danışırıq. Elə ən ciddi mexanizmlərdən biri kart sistemi ilə hesablaşmalarda çox gözəl şəffaflıq sistemi yaratmaqdır. Biz nə vaxtdan kart sistemi ilə hesablaşmalara başlayacağıq və ticarət obyektlərində bununla bağlı onların cərimələnməsi mexanizmləri necə olacaq?
Sonda, mən həmkarımın daha bir gözəl təklifini də dəstəkləyirəm. Mülkiyyət vergisini artırmaqla bağlı məsələni Siyavuş Novruzov çox yaxşı izah etdi. Bu, bir sıra əyintilərin qarşısını ala bilər. Nazirin də bununla bağlı, əgər dəyişikliklər ediriksə, fikirlərini bilmək yaxşı olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Görürəm ki, fikirlər yavaş-yavaş təkrar olunur. Onda imkan verək, suallara cavab versinlər. Fazil müəllim, buyurun.
F. Məmmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkillərinə çox dəyərli fikirlər söylədiklərinə görə minnətdarlıq edirəm. Çalışacağam ki, imkan daxilində verilən suallara və çıxışlara müvafiq aydınlıq gətirə bilim.
Hörmətli millət vəkilləri tərəfindən məsələ qaldırıldı ki, beynəlxalq kreditlərlə əlaqədar sıfır dərəcəsinin tətbiqini əks etdirən 165.1.6-cı maddə niyə çıxarılıb və bu, onların Azərbaycana axınına necə təsir edə bilər? Artıq Azərbaycanın bugünkü iqtisadi göstəriciləri hamıya məlumdur və beynəlxalq kreditlərin Azərbaycan iqtisadiyyatında önəmli rol oynamasını hökumət o qədər də əsaslı hesab etmir. Bütün bunlardan əlavə, maddədə göstərilən sıfır dərəcə ilə tətbiq olunma həm o sahədə çalışan, kredit verən, həm də yerli təşkilatları müvafiq problemlərlə qarşılaşdırırdı. Onlar müvafiq prosedurlardan keçməli olurdular. Bu gün sıfır dərəcə ödəmənin qaytarılma prosesinin 45 gün müddətində həyata keçirilməsi nəzərdə tutulur. Hökumət hesab edir ki, onun maliyyə imkanları həm beynəlxalq kreditlərlə birgə fəaliyyətdə istifadə olunan layihələrdə, həm də özünün bütün vergilərinin tamamilə ödənilməsini təmin etməsində məqsədəmüvafiq rol oynayır. Hökumətin, dövlətin siyasətində güzəştlərin getdikcə aradan qaldırılması prinsipi, lazım olan sahələrdə isə dövlət tərəfindən xüsusi subsidiyalar vasitəsi ilə və yaxud da büdcədə nəzərə alınmaqla təsir, kömək etmək məsələləri daha ön plandadır.
Büdcədənkənar fond haqqında mən ümumi deyirəm. Məbləğin 2000 manat, gəlir vergisinin 14 faiz dərəcə təşkil etməsi barədə Vahid Əhmədov və bir neçə hörmətli deputat tərəfindən məsələ qalxdı. Mən sizə bu barədə məlumat verdim, Milli Məclisin Sədri, eyni zamanda, komissiya sədrləri ilə də söhbətimiz olub. Hökumətdə bu məsələ müzakirə olunur. Yəqin ki, Vergi Məcəlləsinə dəyişikliklər nazirlik tərəfindən parlamentə göndərilməyib, hökumət tərəfindən göndərilibdir. Hökumətdə onu çox qısa bir müddətdə müzakirə edəcəklər və onda bu məsələyə aydınlıq gətirilməsi mümkün olacaqdır.
Hörmətli Əli Məsimli əlavə dəyər vergisi və aksiz vergisinin dərəcələrinə yenidən baxılması və aşağı salınması istiqamətində görülən işlərlə maraqlandı. Biz belə hesab etmirik ki, növbəti il üçün əlavə dəyər vergisi dərəcələri aşağı salınmalıdır. Gələn ilə əlavə dəyər vergisinin inzibatçılığı üzrə çox ciddi tədbirlərin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bunları nə Şərqi Avropa, nə də keçmiş MDB məkanında olan dövlətlər də hələ tam həyata keçirə bilməyiblər.
Möhtərəm cənab Prezidentimiz həm inflyasiya, həm də vergidən yayınma məsələləri ilə əlaqədar siyasi iradə nümayiş etdirərək qarşımızda çox mühüm vəzifələr qoymuşdur. Dərəcələrin gələn il üçün azaldılması o qədər də məqbul deyildir. Növbəti illərdə Azərbaycanda aparılan vergi siyasətinin radikal olmasını heç kim qınaya bilməz. Ona görə ki, son illər ərzində istər sosial sahənin, istərsə də dövlət büdcəsinin vergilərində dərəcələrin aşağı salınması tempi, müvafiq olaraq, ilbəil davam edir və gələcəkdə də olacaq. İqtisadiyyatın bütün parametrləri üçün bu məsələlər nəzərə alınmalıdır.
Gəlir vergisinin 30 manatdan tutulmasına dair bir sual oldu. Məcəllədə 30 manat minimum əmək haqqı ilə əvəz olunubdur. Əmək haqqı yüksəldikcə, vergi tutulan məbləğ də ona uyğun artırılacaqdır. Gəlir vergisinin yuxarı həddini 35 faizdən azaldıb, 25 faiz etmək olarmı? Əlbəttə, buna gələcək üçün baxmaq olar, amma yenə də bu günün söhbəti deyil. Gəlir vergisinin yuxarı həddi dərəcəsində istər Şərqi Avropa, istər MDB, istərsə də okeanın o biri tərəfində olan dövlətlər olsun, bu dərəcə çox yüksək şkala ilə ölçülür, yəni 40, 45, 50, bəzən 60 faizə qədər olur.
35 faiz, hesab edirik ki, yüksək kateqoriyalı əmək haqqı alan, gəlir əldə edən insanlar üçündür və buna prinsipial qaydada baxmaq olar. Bizim prinsipial mövqeyimiz bu gün üçün dəyişməyibdir və 35 faizi məqbul hesab edirik. Amma gələcəkdə 25 faiz olmasına baxıla bilər.
106.1-ci maddə bərpa edilsin. Mən qeyd etdim ki, hökumətin siyasətində güzəştlərin tamamilə ortadan götürülməsi bir nömrəli vəzifə kimi qarşıya qoyulmuşdur. Bu gün ölkənin iqtisadi artım tempi, eyni zamanda, iqtisadiyyatda nəzərə çarpan irəliləyişlər bizə tam imkan verir ki, güzəştlər aradan qaldırılmaqla qarşıya çıxan məsələlərin hamısını büdcə vasitəsi ilə həll etmək mümkün olsun.
Fazil Mustafayev dedi ki, səhmdar cəmiyyətlərin gəlirləri azaldılır. Bəli, çox təəssüf ki, həm səhmdar, həm də qeyri-səhmdar cəmiyyətlərində bu cür hallar mövcuddur. Onların ixtiyarı var ki, müvafiq auditləri dəvət etməklə vergidənkənar səhmdarlarının, şəriklərinin fəaliyyəti barədə məlumatları yoxlaya bilsinlər.
İdarəetmənin yerini kim müəyyən edəcək? Burada dəqiqləşmə gedə bilər və gedəcək də. İdarəetmə ilə əlaqədar maliyyə sanksiyaları niyə artırılır? Belə hesab edirik ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ümummilli liderimiz, sonralar da cənab Prezident tərəfindən istənilən qədər orta və kiçik, ümumiyyətlə, sahibkarlığın inkişafı üçün çox yaxşı, münbit şərait yaradılmışdır. Uzun illər boyu həm milli liderimizin, həm də cənab İlham Əliyevin bölgələrə səfəri zamanı sahibkarlarla görüşləri bunun daha bir nümunəsidir.
Ölkəmizdə, doğrudan da, biznes mühitinə xüsusi diqqət yetirilir və sahibkarlara kreditlərin ayrılması, digər iqtisadi tədbirlərin görülməsi həddindən artıq çoxalıbdır. Artıq hökumət belə hesab edir ki, Azərbaycanda sahibkarlığın üzərində ciddi nəzarət olmalıdır. Yəni liberallıq şərtləri altında müvafiq işlər aparılmalıdır. Siz özünüz də bəzi çıxışlarınızda qeyd etdiniz, vergidən yayınma hallarına qarşı daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulmalıdır. Artıq əhalidə yoxsulluq həddi getdikcə aşağı düşür, insanların, o cümlədən biznes mühitində yaşayan insanların vəziyyətləri çox normaldır. Onların qanunvericiliyin tələblərinə tam cavab vermələri, onun haqqında daim düşünmələri və bilmələri üçün cərimələrin artırılması, biz hesab edirik ki, düzgündür.
Bunlar mənzil tikintisində, ayrı-ayrı yerlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tətbiq olunur. Bakı, şəhərətrafı yerlər mənzil tikintisinə görə 16 kateqoriyaya bölünür. Yəni bütün respublika üçün vahid məbləğin tətbiq edilməsindən söhbət getmir.
İltizam Əkbərli soruşdu ki, tikinti sektorunda niyə sadələşdirilmiş vergi olur və əlavə dəyər vergisi də saxlanılır? Mənzil tikintisində vergi daxilolmalarının artımında qayda-qanun yaratmaq üçün tətbiq edilən sadələşdirilmiş vergi sistemi gələcəkdə heç bir halda əlavə dəyər vergisinin hesablanmasına maneçilik törətməməlidir. Əlavə dəyər vergisinin hesablanması real iqtisadiyyat göstəriciləridir və burada həqiqi dövriyyə əlavə dəyər vergisi əsasında müəyyən olunacaq. Bu, dövlətin iqtisadi göstəriciləri üçün çox vacibdir. Ona görə biz mənfəət vergisinin əvəzinə, hesab edirik ki, sadələşdirilmiş sistemlə müəyyən vergi məbləği qoyulsun və əlavə dəyər vergisinin tətbiqi saxlanılsın.
Xanhüseyn müəllim əmlak vergisi ilə əlaqədar sual verdi. Dəfələrlə bu məsələ parlamentdə qalxıbdır. Əmlakın düzgün qiymətləndirilməsi və ona uyğun şəkildə əmlakdan verginin tutulması məsələsinə mən də, prinsipial olaraq hökumət də razıdır. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu cür vergilər – fiziki şəxslərin əmlak vergisi, torpaq vergisi, bələdiyyə vergiləridir. Bütün fiziki şəxslərə məxsus və yaxud da hüquqi şəxslərin bu gün artıq dövlətdə qalan, onun idarəetməsində olan əmlaklarından söhbət gedir. Bu sahədə də düzgün qiymətləndirmə istiqamətində, doğrudan da, ciddi addımlar atılmalıdır. Bu, təkcə dövlət büdcəsinə daxilolmalar üçün deyil, eyni zamanda, bələdiyyələrin maliyyə vəziyyətinin formalaşması və digər məsələlərdən ötrü də məqsədəmüvafiqdir. Əlbəttə, biz bununla razıyıq və bu sahədə işləmək olar.
Dövlət büdcəsində gələn il üçün əmlak vergisinin 52 faiz artırılması nəzərdə tutulmuşdur. Siyavuş müəllimlə tamamilə razıyıq. Biz çalışırıq ki, 2008-ci il yanvarın 1-dən post-terminalların geniş tətbiqi sahəsində daha ciddi tədbirlər həyata keçirilsin, burada çox dərin məcburiyyət də ola bilməz. Respublika ərazisində artıq 2700-2800-ə yaxın post-terminal quraşdırılmışdır. Post-terminallar banklarla həmin sahibkar arasında olan fəaliyyətin təzahürü olmalıdır, çünki onlar banklar vasitəsi ilə qurulur.
Bəzən post-terminallara görə müəyyən məsələlər ortaya çıxır və bank əməliyyatları kimi tətbiq olunan faizlər sahibkarları qane etmir. Gələn ildən hökumət, birmənalı şəkildə, kassa aparatlarının quraşdırılması məcburi sayıldığı yerlərdə post-terminalların olmasını təmin etməyə başlayacaqdır. Burada kartdan istifadə edən insanlara əhali tərəfindən ictimai nəzarətin də olması çox vacibdir. Bununla həmin obyektlərdə kart vasitəsi ilə ödəniş aparılıb, aparılmamasını həm də tələb etmək olar.
Azərbaycan artıq sivil bir dövlətdir, bütün parametrlər əsasında heç də Şərqi Avropa dövlətlərindən geridə qalmır, çox yüksək sürətlə inkişaf edir. Biz də hesab edirik ki, post-terminallardan, kassa aparatlarından istifadə Azərbaycana həm büdcə gəlirləri üzərində düzgün nəzarətin olması, həm də sivil, normal ticarətin həyata keçirilməsi üçün lazımdır və belə bir məsələ həyata keçirilməlidir.
İctimai nəqliyyatda olan vəziyyətlə əlaqədar mən də sizinlə tamamilə razıyam. İctimai nəqliyyatda biletin olmamasına vergi qanunvericiliyi ilə niyə son qoyulmur? Keçən il qəbul olunmuş məcəllələrdə olan dəyişikliyə əsasən 2007-ci ildən fərqlənmə nişanları tətbiq olunur. Onlar əsasında artıq vergilər müəyyən edilir və məbləğin azlığı, çoxluğu məsələsi yoxdur. Ümumiyyətlə, biletin olması həmin şirkətlərin işində nizam-intizam yaradardı. Bununla vətəndaşların hüquqlarının qorunması təmin edilər, sərnişinlər mənzil başına rahat aparılıb çatdırılar, ictimai nəqliyyatın normal hərəkəti tənzimlənər, müftəxorluq halları aradan qalxar, əldə olunan vəsait kənara səpələnməz. Bu sahədə bir hüquqi bazanın yaradılmasının, qanunvericilikdə müvafiq təkmilləşdirmənin olmasının tərəfdarıyıq. Vergi Məcəlləsində bunun nə dərəcədə əksini tapa biləcəyinə də baxmaq olar.
Mənzil tikintisində əmək haqqı məsələsində qeyri-normal hallar hamınıza məlumdur. Vergilər Nazirliyi öz səlahiyyətləri daxilində çalışır ki, təkcə tikinti bölməsində deyil, bütün sahələrdə əmək müqaviləsi bağlamadan çalışan işçiləri müəyyənləşdirsin, onlarla əmək müqaviləsinin bağlanması təmin edilsin. Bu, təkcə iqtisadi cəhətdən büdcənin gəlirlərini təmin etmək məqsədi daşımır, onlardan gəlir vergisinin alınması, bir çox sosial məsələlərin həlli üçün də çox vacib şərtdir.
İşçilərin əmək müqaviləsi əsasında iş yerinə qəbul olunması onların həm sosial sığorta, pensiya, indiki halda isə vergi məsələlərini formalaşdırar, həm də gələcək pensiyalar üçün sosial fonda ayırmaları təmin edərdi. Ona görə də təklif olunmuşdu ki, qanunsuz, daha doğrusu, əmək müqaviləsini bağlamadan saxlanılan hər bir iş yerinə min manat cərimə kəsilsin. Bu, Azərbaycanın reallığı üçün yetərli məbləğdə cərimədir və sahibkara məsuliyyətli olmaq, bu sahəyə diqqəti artırmaq üçün şərait yaradır. Buna artırılması və yaxud da azaldılması istiqamətində baxmaq da olar.
Vergilər Nazirliyinin büdcədənkənar fondunun yaradılması ilə əlaqədar burada bir neçə sual oldu. Qənirə xanım, bir çox hörmətli millət vəkilləri bu barədə öz obyektiv və subyektiv fikirlərini dedilər. 30, 50 faiz çox böyük rəqəmlər kimi səsləndi. Çox böyük rəqəmlərdən söhbət getmir, Qənirə xanım! Vergilər Nazirliyinin ümumi sisteminin saxlanması üçün büdcədən 14-16 milyon manat vəsait ayrılır. Bunun 30 faizə qədər olan hissəsindən – 2-3 milyon manatından söhbət gedir. Təcrübə göstərir ki, bu ilə qədər olan cərimələrin 5 faizlə tətbiqi hamı tərəfindən qəbul edilibdir. Vergilər Nazirliyi üçün 5 faiz 300-400 min manat təşkil edir.
Onun xərclənməsi üzərində nəzarət elə məsələdir ki, o xərclənənə qədər yığılacaq və subyektivlik olsa, elə orada olar. Yığılandan sonra təzədən onun xərcində bununla bağlı nəyə isə yol verməkdən söhbət gedə bilməz. Büdcə formalaşana qədər bu yığılır. Mənfilik olsa, nəzərdə tutulan yerdə baş verər, orada da aradan qaldırılar. Biz hesab edirik, Vergilər Nazirliyi öz səlahiyyətləri daxilində iqtisadi dövlət büdcəsinin orqanıdır. O cümlədən bu qurum hüquq mühafizə orqanı olmaq şərti ilə bir çox operativ məsələlərin həllində iştirak edir. Odur ki, bu məsələnin növbəti büdcə ilinə qalması gözlənilmir. Vergi ödəyicilərinə xidmətlə, operativ məsələlərlə əlaqədar belə bir fondun olması məqsədəmüvafiqdir.
İcra hakimiyyəti və dövlət qulluğunda olan orqanların əmək haqları daim artırılır, ancaq bu artım dövlət qulluğuna, Vergilər Nazirliyinə şamil olunmur. Onlar hüquq mühafizə orqanları sisteminə aid olduğu üçün belə bir praktika yaranıbdır. Keçən il, bildiyiniz kimi, fond başqa büdcədə nəzərdə tutulmuş gəlirlərdən yığılmış vəsaitin 50 faizi hesabına formalaşırdı. Hökumət hesab etdi ki, bu, düzgün deyil, çünki orada həm neft, həm də qeyri-neft bölmələrinin gəlirləri var. Ümumiyyətlə, iqtisadi parametrlərin nəticələrindən asılı olaraq orada müxtəlif və böyük rəqəmlər ola bilər və hökumətin bu sahədə siyasəti tamamilə düzgündür. Xahiş edirik, millət vəkilləri buna müsbət münasibət bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Hesab edirəm, qaldırılan suallara konkret, ətraflı, aydın cavablar verildi. Biz bunu artıq saat yarımdır ki, müzakirə edirik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Gündəlikdə olan məsələlərin müzakirəsini davam etdiririk. Növbəti məsələ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Söz verilir Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə. Buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirəmizə çıxarılan “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında layihədə, əsasən, dörd istiqamət nəzərdə tutulmuşdur. Birincisi, texniki düzəlişlər, yəni əvvəllər qəbul etdiyimiz qanunların bununla uzlaşdırılmasıdır. İkincisi, bu qanuna bəzi əlavələrin edilməsi, üçüncüsü, bir sıra yüngülləşdirici məqamlar və dördüncüsü, ciddiləşdirmə amilləridir.
Texniki düzəlişlər nədən ibarətdir? Biz “Əmək pensiyaları haqqında” Qanunu qəbul edərkən, hərbi qulluqçuların pensiya təminatını da onunla təsbit etdik. İndi də buraya “müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla” sözlərini əlavə edirik, çünki bunlar həqiqi xidmətdədirlər və sığortaya cəlb olunmurlar. Bütün qanun boyu həmin o düzəliş öz əksini tapır.
İkinci məsələ. Bildiyiniz kimi, sığorta ilə bağlı olaraq fərdi uçot kartını bütün sığorta alanlara vermişik. Kartın itirilməsi ilə bağlı bəzi müddəalar burada öz əksini tapıbdır. Başqa məsələyə də dəyişiklik edilibdir. Qanunda iki halda yüngülləşmə elementləri var. Birinci, 14-cü maddədə əvvəllər ticarət və tikinti sahələrində çalışan fiziki şəxslərin sığortalanması 70 faizlə 40 faiz arasında idi. Bu rəqəm indi 50-20 faizə endirilib. Nəqliyyatda çalışanların sığortalanması 40 faiz həddində müəyyənləşibdir. Daha bir məqam da ondan ibarətdir ki, burada ailə-kəndli təsərrüfatında çalışanların əvvəllər sığorta haqqı 2 faiz idi, indi 6 faizə çevrilib. Əlbəttə, ilk baxışda bu, ağırlaşdırıcı məqam kimi görünür, amma bütövlükdə əhəmiyyəti ondan ibarətdir ki, ailə-kəndli təsərrüfatında çalışan adamların çox cüzi miqdarda sığortalanması sonradan onların pensiya almaq hüququnu ehtiva edir. Belə olanda bu adamlar ən aşağı həddə 50 manat pensiya ala bilirlər. Bu da onlar üçün çox önəmli bir məsələdir.
Sonra, burada prokurorluq işlərində çalışanlarla bağlı olan bir məqam vardır. Onlar üçün 25 il məsələsi nəzərdə tutulub. Digər məsələ ondan ibarətdir ki, xarici ölkələrdə çalışan bizim diplomatik xidmətin aşağı vəzifələrində çalışanların oradakı əmək haqqının sığortaya cəlb olunmasını biz istisna etmişik. Yəni oradakı maaşlarından bunlar sığortalanmayacaqlar. Bu da o adamların sosial müdafiəsini gücləndirən məqamdır. Biz əvvəldə ciddiləşdirən məqamları dedik. Bunlar ondan ibarətdir ki, sığortalanma məsələsindən yayınan adamlar şərti maliyyə vahidinin 50 misli miqdarında cərimələnirlər. Bütövlükdə qanun layihəsi sosial müdafiəni gücləndirməyə, əhalinin sosial müdafiəsinə xidmət edir. Xahiş edirəm, deputat həmkarlarım buna səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, buna sizin komissiyada da baxılıbdır. Əlavəniz varmı? Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hadi müəllim bu barədə ətraflı məlumat verdi. Qanun layihəsinə bizim komissiyada da baxılıbdır və müsbət münasibət bildirilibdir. Komissiyada baxılarkən cənab Prezidentin vahid pəncərə ilə əlaqədar olaraq sahibkarlığın inkişafına yönəldilmiş fərmanı ilə əlaqədar olaraq, “Sosial sığorta haqqında” Qanuna müəyyən dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, qanuna “kommersiya hüququ olan şəxslərlə fərdi sahibkarlar istisna olmaqla” sözləri əlavə edilir, çünki həmin fərmanda sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması məqsədi ilə vahid pəncərə prinsipi həyata keçiriləcəkdir. Qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra bir aydan gec olmayaraq işçilərinin sayı barədə məlumatları sığorta təşkilatlarına verəcəklər. Bu dəyişikliklər, təbii olaraq, müsbət qiymətləndirilir. Mən də Hadi müəllimin təklifinə qoşulub istərdim ki, bu sənədi səsə qoyaq, ona müsbət münasibət bildirək.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da buradadır. Səlim müəllim, buyurun.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Təşəkkür eləyirəm, Oqtay müəllim! Həm komissiyalarda keçən ciddi müzakirə zamanı söylədikləri, həm də bu gün söyləyəcəkləri fikirlərə görə millət vəkillərinə təşəkkürümü bildirmək istəyirəm.
Hər il öz fəaliyyəti prosesində Dövlət Sosial Müdafiə Fondunda mövcud qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində təkliflər ortaya çıxır. Təbii ki, bunlar ümumiləşdirilərək qanunlarda dəyişikliklər və əlavələr şəklində öz əksini tapır və təqdim olunur. Bunlardan biri də bu gün “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklərdir. Hadi müəllimlə Ziyad müəllim bu barədə məlumat verdilər.
Mən də öz fikirlərimi çatdırmaq istəyirəm. Burada bütün dəyişiklikləri iki qrupa bölmək olar: redaktə xarakterli və bir də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı olan dəyişikliklər. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər vaxtı ilə, yəni bir il bundan qabaq sosial sığortaya cəlb ediləndə biz belə bir bəndi nəzərdə tutmuşduq ki, müddətli hərbi xidmətdə olanlar, yəni əsgərlər də sosial sığorta obyekti kimi çıxış edəcəklər. Ona görə də o zaman bu istisna qanunda öz əksini tapmamışdı. Sonradan məlum oldu ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsində müddətli hərbi xidmətdə olan şəxslərin sosial sığorta ödəmədən sosial sığorta stajı qazanmaları öz əksini tapıbdır. Ona görə də müddətli hərbi xidmətdə olanların, yəni əsgərlərin sosial sığorta obyektlərinin sırasından çıxarılması məqsədəuyğun hesab edildi. 12-ci maddədə dəyişiklik bununla bağlıdır.
13-cü maddədəki dəyişikliklə bağlı Ziyad müəllim çox aydın söylədi ki, bu təkliflər Nazirlər Kabinetində, Prezident Aparatında müzakirə olunan zaman vahid pəncərə prinsipi ilə qeydiyyat prinsipi barədə cənab Prezidentin fərmanı imzalanmamışdı. Bu yaxınlarda həmin sənəd imzalandı və onunla tapşırıq verildi ki, buna uyğun olaraq Vergilər Nazirliyi, bildiyiniz kimi, vahid pəncərə, yəni vahid qeydiyyat orqanı kimi müəyyənləşdirilsin və digər qanunvericilik aktlarında buna uyğun dəyişikliklər edilsin.
Bildiyiniz kimi, qeydiyyat aparan orqanlardan biri Dövlət Sosial Müdafiə Fondudur. Ona görə “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsində müvafiq dəyişiklik edilməsi zəruridir. Bu gün qanun layihəsinin sizə təqdim olunan variantında deyil, Ziyad müəllimin verdiyi formada dəyişiklik edilməsi daha doğru olardı, çünki yenidən həmin qanuna dəyişikliyə görə gələcəkdə müraciət edilməzdi. Artıq bu gün imkan yaranıb ki, həmin maddə bu şəkildə getsin: “bütün kommersiya təşkilatları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergi orqanlarında qeydiyyatdan keçir”. Təklif olunur ki, onlar qeydiyyatdan keçdikdən bir ay sonra öz işçiləri barədə Dövlət Sosial Müdafiə Fondu orqanlarına müvafiq məlumat təqdim etsinlər. Biz redaksiyanı müəyyən qədər düzəldərik, çünki söhbət təkcə saydan getmir. Bu gün fərdi uçot aparıldığına görə, həm də onların digər rekvizitləri barədə söhbət gedir. Ona görə də redaksiyanı düzəldib, həmin o 13-cü maddədəki dəyişikliyi Ziyad müəllimin təklif etdiyi formada etsək, fikrimcə, məqsədəuyğun olardı.
14-cü maddədə biz əməyin ödənişi fondundan başqa, digər gəlirləri də əlavə edirik. Bu gün işçilərə iş yerlərində, xüsusi ilə özəl sektorda müxtəlif kompensasiya xarakterli ödənişlər edilir. Bu, ödənişlərin sosial sığortadan yayındırılmasına gətirib çıxarır, çünki onlar əmək haqqı fonduna aid edilmir. Bunu nəzərə alaraq, bu sığorta haqqının tutulması obyektini genişləndirmək təkcə əmək ödənişi fondunu deyil, eyni zamanda, digər məsələləri idarə etmək məqsədi daşıyır. Bu dəyişiklik 14-cü maddənin ikinci abzasında nəzərdə tutulur.
Doqquzuncu abzasda yenə “hərbi qulluqçular” sözlərindən sonra “xüsusi rütbəli şəxslər” sözlərinin əlavə edilməsi təklif edilir. Bu da onunla bağlıdır ki, “Əmək pensiyaları haqqında” Qanunda xüsusi rütbəli şəxslərlə hərbi qulluqçular bir-birindən ayrılıblar. “Xüsusi rütbəli şəxslər” anlayışı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində ayrıca olaraq verilibdir. Əgər bu gün belə bir dəyişiklik olunmazsa, xüsusi rütbəli şəxslərin sosial sığortaya cəlb olunmasını həyata keçirmək mümkün olmaz. Ona görə də bunun edilməsi, fikrimizcə, məqsədəuyğundur.
Sonrakı bəndlər haqqında Hadi müəllim çox dəqiq şəkildə məlumat verdi. Növbəti maddə artıq sığorta ödəyicilərinin sığorta yükünün azaldılması ilə bağlıdır. Bununla da ticarət və tikinti sahələrində sosial sığorta haqqı minimum aylıq əmək haqqının 70 faizindən 50 faizinə endirilir. Digər sahələrdə isə 40 faizlə 20 faiz arasındadır. O cümlədən nəqliyyatda yaranmış problemlərlə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də qarşılaşırlar. Bu gün nəqliyyat xidməti göstərənlərin 40 faizinin bu məbləği ödəmək imkanı olmadığına görə həmin rəqəm 20 faizə endirilir.
15-ci maddəyə edilən dəyişiklikdə hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilən təminat xərcliyinə daxil edilməyən məbləğlər var. Hərbi orqanlarla da bizim müzakirələrimiz aparılıb. Həmin məbləğlərin sosial sığortaya cəlb olunması və gələcəkdə pensiya hesablanan zaman həmin məbləğə daxil edilməsi məqsədəuyğun hesab edilmir. Ona görə də onların sosial sığorta obyektindən çıxarılması məqsədəuyğun sayılıbdır. Eyni şəkildə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə həmin orqanlar tərəfindən ödənilən məbləğlərin açıqlanmaması, məcburi dövlət sosial sığortasına cəlb olunmaması məqsədəuyğun sayılıb. Bu da həmin qanun layihəsində öz əksini tapıbdır.
Nəhayət, sonuncu maddə. Komissiyada müzakirə olunan zaman da söylənildi ki, “Sosial sığorta haqqında” Qanunda həm cərimələrin tətbiqi, həm də digər hallarda üç müxtəlif anlayışdan istifadə olunur. Həm orta aylıq, həm minimum aylıq əmək haqqından, həm də şərti maliyyə vahidindən biri artıq ortadan götürülür. “Ölkə üzrə əvvəlki orta əmək haqqının 50 faizinin” sözləri “şərti maliyyə vahidinin 50 misli miqdarı” sözləri ilə əvəz olunur. Bu da müxtəlif sahələrdə çalışan və işçilərini məcburi dövlət sosial sığortasından gizlədən sığorta edənlərə tətbiq ediləcək maliyyə sanksiyalarına aiddir. Hər bir gizlədilən işçiyə görə şərti maliyyə vahidinin 50 misli miqdarında cərimə burada öz əksini tapıbdır.
Sual oluna bilər ki, axı bir az öncə Vergi Məcəlləsində bu məsələyə baxıldı və 1000 manat cərimə nəzərdə tutuldu. İndicə qeyd elədiyim kimi, 13-cü maddəyə edilən dəyişikliklə biz artıq həm kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsləri, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri qeydiyyat subyektlərindən çıxarırıq. Amma bizdə Dövlət Sosial Müdafiə Fondu orqanlarında ailə-kəndli təsərrüfatları və torpaq payı olan mülkiyyətçilər qalır. Bunlara qarşı əgər gizlədilmə halları baş verərsə, bu sanksiyaların tətbiq olunması nəzərdə tutulur. Bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dövlətimizin daxili siyasətinin tərkib hissəsi olan sosial siyasət onun aparıcı fəaliyyət istiqamətlərindən biridir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi bu siyasətin əsas mahiyyətini təşkil edir. Əlbəttə, bu siyasətin aparıcı qüvvələrindən biri də Azərbaycan Respublikasının Milli Məclisidir. Məhz Milli Məclis tərəfindən sosial sahədə qəbul edilən qanunlar sosial qanunvericiliyin əsasını qoymaqla bərabər, dövlətimizin sosial sahədə siyasətini müəyyən edir.
Sosial xidmət orqanları tərəfindən qanunların konkret ünvanlı şəxslərə tətbiqinin genişlənməsi, əhali ilə həmin orqanlar arasındakı münasibətlərin inkişafı sosial sahədə qanunların təkmilləşdirilməsi və onların bir sıra müddəalarının dəqiqləşdirilməsi zərurətini yaradır. “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar olaraq Milli Məclis tərəfindən qısa müddət ərzində səkkiz qanun layihəsinə baxılması, əlbəttə, təsadüfi deyildir.
Bu gün müzakirəyə təqdim edilən “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi də növbəti dəyişikliklərin edilməsini nəzərdə tutur. Layihədə çox mütərəqqi müddəalar var. Bu müddəalardan biri, – bir az əvvəl çıxış edənlər də dedilər, – 12-ci maddədir və mən onun haqqında danışmaq istəyirəm. 12-ci maddəyə edilən əlavəyə görə “hərbi qulluqçular və xüsusi rütbəli şəxslər” sözlərindən sonra “müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla” sözləri əlavə edilmişdir. Doğrudan da, bir il və ya altı ay hərbi xidmətə çağırılan hərbi qulluqçuların məcburi dövlət sosial sığortasına cəlb edilməsi hər halda məntiqsizlik olardı. Bu, əlbəttə, irəliyə doğru atılmış çox mütərəqqi bir addımdır.
Qanun layihəsində ikinci bir məsələ isə “rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı” sözlərinin çıxarılmasıdır. Belə yanaşma, göründüyü kimi, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin sosial təminatının gücləndirilməsi məqsədini daşıyır. Qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirəm. Mən buna səs verəcəyəm, lakin bununla bərabər, layihəni oxuyarkən məndə sual doğuran bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Bu da ondan ibarətdir ki, sosial sığorta haqqının tutulmasını nəzərdə tutan 14-cü maddənin dördüncü hissəsinin birinci abzasında ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər nəzərdə tutulur. Bu sıradan nəqliyyat sahəsi çıxarılmışdır. Yəni bunun səbəbi mənə aydın olmadı. Mövcud variantda göstərilir ki, ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Bizə təklif olunan variantda “nəqliyyat” sözü çıxarılmış, sadəcə olaraq, “ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər” qalmışdır. Mən xahiş edərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Mən həmkarlarımı da layihənin lehinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bir az konkret olaq, çünki çox gərgin işimiz var. Mən istəyirəm, gələn iclasa birbaşa büdcənin müzakirəsindən başlayaq. Azay Quliyev, buyurun.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən qısa danışmaq istəyirəm. Bizim hörmətli millət vəkillərindən və hörmətli Səlim müəllimdən iki məsələyə qısaca aydınlıq gətirməsini xahiş edirəm.
Birinci məsələ 14-cü maddə ilə bağlıdır. Burada mən hörmətli Səlim müəllimlə tam razıyam ki, həqiqətən də, məcburi sosial sığortanın konkret predmeti göstərilməlidir. Xüsusi ilə müəyyən yayınmalar barədə bu gün məlumat verildi. Onlar qanunla birmənalı şəkildə müəyyənləşdirilməlidir. Burada bir məsələni mən aydınlaşdırmaq istərdim. Bilirsiniz ki, bu gün müxtəlif humanitar fondlar, humanitar təşkilatlar bu və ya digər formada sosial sığortadan azaddır. Düzdür, Nazirlər Kabinetinin qərarı ilə bəzən bu məsələlər həll olunur. 15-ci maddədə ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri, fondlar və s. göstərilib. İndi hərbi qulluqçular da əlavə olunur. Ola bilərmi ki, burada biz həmin fondların və humanitar birliklərin adını qeyd edək. Ümumiyyətlə, bu məsələ necə tənzimlənir?
İkinci qeyd etmək istədiyim məsələ də azadolma ilə, yəni 15-ci maddə ilə bağlıdır. Hazırda qüvvədə olan maddəyə görə yubiley tarixlərinə görə yubilyara ödənilən, birdəfəlik xarakter daşıyan mükafatlar məcburi dövlət sığorta haqqı ödəməkdən azad olunur. Amma indiki təklifdə yalnız dövlət orqanları tərəfindən yubiley tarixlərinə görə yubilyara ödənilən, birdəfəlik xarakter daşıyan mükafatlar azad olunur. Bilirsiniz, mənə belə gəlir ki, bu çox kiçik bir məbləğdir. Biz bu sığortanı tətbiq etməklə digər qurumların da bu cür addımlarını, qərarlarını stimullaşdırmırıq. Məsələn, ayrı-ayrı təşkilatlar, qurumlar əməkdaşlarına müəyyən yubiley tarixlərində ildə bir dəfə pul mükafatı verir. Amma indi yalnız dövlət orqanları tərəfindən verilən birdəfəlik mükafatlara məcburi sosial sığorta haqqı hesablanır. Digər hallar isə istisna olunur. Mənə belə gəlir ki, bu o qədər də arzuolunan hal deyil. Bununla bağlı biz bir daha düşünməliyik. Əgər imkan varsa, əvvəlki variantda olduğu kimi, bütün təşkilatlar tərəfindən verilən mükafatlar məcburi sosial sığortadan azad olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr! Məndən əvvəl çıxış edənlərdən fərqli olaraq hesab edirəm ki, Qanunun 12-ci maddəsində məcburi dövlət sığortasına cəlb olunan şəxslərin siyahısından müddətli hərbi qulluqçuların çıxarılması məsələsi heç də irəliyə doğru atılan addım deyil. Əksinə, mənim fikrimcə, son dövrdə dalbadal müxtəlif qanunvericilik aktlarında müddətli hərbi xidmət qulluqçuları ilə bağlı edilən dəyişikliklər onların hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır. Bunu əsaslandırmağa çalışacağam.
Əvvəla, müddətli hərbi xidmət qulluqçuları məsələsi iki kateqoriyadan ibarətdir. Bunlardan birincisi 1 il 6 ay hərbi xidmətə çağırılmış şəxslərdir. Ali təhsilli şəxslər bir il, ehtiyatda olan zabitlər isə 1 il 6 ay müddətə hərbi qulluğa çağırılırlar. Onlar maaş alırlar. Bu baxımdan hazırda Azərbaycanın Silahlı Qüvvələrində bu kateqoriyadan olan kifayət qədər zabit vardır. Belə dəyişikliklər onların vəziyyətinə necə təsir göstərəcəkdir? Bu məsələ aydın deyil.
İkincisi, mən yenə də konkret olaraq əsgərlərin məcburi dövlət sosial sığortası məsələsinə qayıtmaq istəyirəm. Məsələ burasındadır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunlarda və onlara edilmiş dəyişikliklərdə əsgərlərin məsələsi yenə də havada qalır. Bu da məcburi dövlət sosial sığorta məsələsində əlavə çətinlik yaradacaqdır. Məsələn, bilirsiniz ki, “Əmək pensiyaları haqqında” Qanunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, cəbhədə yaralanmış, xəsarət almış, xəstələnmiş şəxslərin müharibə əlilləri hesab olunması haqqında müddəa var. Lakin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda onların statusu və ya onlara verilən güzəştlər əksini tapmamışdır. Ona görə də mən bir daha təkrar edirəm, “Əmək pensiyaları haqqında” Qanuna istinad edərək guya hərbi qulluqçuların xidmət müddətinin sosial sığorta stajına aid olunması, kompensasiya edilməsi və yalnız bununla bağlı texniki dəyişikliklər olması haqqında deyilənləri doğru hesab etmirəm.
Bir daha təkrar edirəm, əsgərliyə çağrılandan sonra təkcə ata-anasının yox, həm də dövlətin balaları olmuş şəxslərə biz ən yüksək səviyyədə qayğı göstərilməsi, o cümlədən sığortalanması məsələsinə dövlət vəsaitinin cəlb olunmasına nail olmalıyıq. Mən çox istərdim ki, Dövlət Sosial Müdafiə Fondunun burada iştirak edən hörmətli sədri bu məsələyə bir daha aydınlıq gətirsin.
İkincisi, bu qanunda edilən dəyişikliklərlə bağlı bir məsələyə mən diqqəti cəlb etmək istərdim. Kənd təsərrüfatının vəziyyəti aydındır. Bununla bağlı ailə-kəndli təsərrüfatlarının maddi vəziyyəti də aydındır. Necə olur ki, nəqliyyatda, tikintidə, ticarətdə və başqa sahələrdə məcburi dövlət sosial sığorta haqqı bəzən hətta iki dəfə azaldılır, amma olduqca çətin vəziyyətdə yaşayan, bir ailədən olan şəxslərin məcburi dövlət sosial sığortası isə 3 dəfə artırılır. Burada söhbət 2 və ya 6 faiz məsələsindən yox, 3 dəfə artırılmasından gedir. Xahiş edirəm, diqqət edin. Nə baş verir? Hörmətli Hadi müəllim belə bir izahat verdi ki, bunun əvəzində onlar ən azı 50 manat pensiya almaq hüququ əldə edirlər. Həmin hüququ 2 faiz verəndə də əldə edirlər. Guya 6 faiz olanda belə bir hüquq yox idi. Dövlət Sosial Müdafiə Fondunun rəhbəri də buradadır. Digər məsələni növbəti qanun layihəsinin müzakirəsində deyəcəm.
Bilirsiniz, elə məsələlərdən pul kəsirlər ki, onlar cəmiyyətin, belə deyək, təmin olunmamış, hüquqi yardıma ehtiyacı olan hissələridirlər. Guya maliyyə mənbələri tapırlar. Mən hesab edirəm ki, son dövrlərdə belə düzəlişlərin, müddəaların Milli Məclisə göndərilməsi məsələsinə aydınlıq gətirilməlidir. Mən öz fikirlərimi hörmətli Hadi müəllimə, onun müavininə də bildirmişəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən qısaca bir məsələyə aydınlıq gətirilməsini istəyirəm. Biz dəyişikliklər və əlavələr edirik. Amma mən istərdim ki, 21-ci maddəyə bir də baxaq, çünki cənab Prezidentin keçirdiyi son müşavirədə də bu məsələ diqqət mərkəzində oldu. Yəqin ki, Səlim müəllim də xatırlayır.
Cənab Prezident əmək müqavilələri olmadan işçilərin işlədilməsi, əmək müqavilələri olmasına baxmayaraq, hesabatın gizlədilməsi hallarından danışmışdır. Xeyli vəsaitin vergidən yayınması vurğulanmışdır. Üstəlik insanların özü üçün də nə qədər ziyandır. Səlim müəllim də tez-tez bunu vurğulayır. Bizim üçün müsbət haldır ki, pensiyalarda fərdi uçot sisteminə keçmişik, amma insanlar əmək müqaviləsi olmadan işlədilir. Biz onların gələcəyini də düşünməliyik. Gələcəkdə həmin insanlarla bağlı dövlətin üzərinə düşən gərginliyi də fikirləşməliyik.
21-ci maddədəki dəyişiklik məcburi dövlət sosial sığorta qaydalarını pozmağa görə maliyyə sanksiyaları ilə bağlıdır. Dəyişiklik, sadəcə, formal xarakter daşıyır. Göstərilir: “sığortaedənlərin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi olduğu halda hesabatdan gizlədildikdə) hər işçiyə görə – sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün şərti maliyyə vahidinin 50 misli miqdarında;”. Təxminən əvvəlki qayda saxlanılır, bir az forması dəyişir. Mən istəyirəm ki, cənab Səlim Müslümov buna aydınlıq gətirsin. Bu cür cəza mexanizmləri, ümumiyyətlə, əmək müqavilələri sistemində xüsusi ilə geniş yayılmışdır. Sizcə bu sanksiyaları eyni ilə saxlamaqla, heç bir ciddi dəyişiklik olmadan bunun qarşısını almaq mümkün olacaqmı? İstərdim ki, buna aydınlıq gətirəsiniz. Sizə elə gəlmirmi ki, burada ciddi dəyişikliklərə əl atmalıyıq.
İkinci məsələ. İstərdim ki, “Məcburi dövlət sosial sığorta haqqı” adlanan 14-cü maddəyə aydınlıq gətirilsin. Mövcud variantda ticarət, nəqliyyat və tikinti sahələri var. Təklif olunan variantda nəqliyyat sahəsinin çıxarılmasının səbəbi nədir? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əkrəm Abdullayev, buyurun.
Ə. Abdullayev. Təşəkkür edirəm, cənab Sədr! Çox vacib və vaxtında təklif olunan dəyişikliklər və əlavələrdir. İstərdim ki, 14-cü maddədə bir məsələ açıqlansın, ola bilər, nəzərdən qaçıb. 14-cü maddənin üçüncü hissəsinin ikinci abzasında “əməyin ödənişi fondunun” sözlərindən sonra “məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin” sözləri əlavə olunur. “Digər gəlirlər” deyəndə nə nəzərdə tutulur? Sonra sahibkarlar insanları məcbur edirlər ki, ödəməlisiniz. Onlar deyəndə ki, qanunda bu məsələ yoxdur, deyirlər ki, digər gəlirlərə bu da daxildir. Mənə elə gəlir ki, bu açıqlansa, yaxşı olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, xahiş edirəm, qısaca cavablandırın.
H. Rəcəbli. Təşəkkür edirəm, cənab Sədr! Birincisi, Jalə xanımın dediyi məsələ 14-cü maddənin təklif olunan variantında var. Xahiş edirəm, 1-ci, 2-ci və 3-cü cümlələrə baxsınlar. “Digər sahələrdə sahibkarlıqla məşğul olan fiziki şəxslər” dedikdə nəqliyyat sahəsi də buraya aid edilir və 20 faizlə həmin ödəmə həll olunur. Yəni bu məsələ də öz həllini tapır.
Azay müəllimin dediyi məsələ uzun müddət bizdə müzakirə mövzusu olub. Biz gəlir vergisindən azad olmağa tərəfdar çıxırıq, amma sığortaya cəlb olunmağın tərəfdarı olmuruq. Sığortaya nəyi cəlb ediriksə, sonradan həmin məbləğ pensiyada hesablanır. Deputatların da mükafatları var idi. Yadınıza gəlirsə, biz onu sığortaya cəlb edəndən sonra adamlar pensiyaya çıxanda artıq əmək haqqının 80-100 faizi miqdarında pensiya alırlar. Bu çox önəmli haldır. Ona görə də biz bunu təqdirəlayiq hesab edirik. Burada Pənah müəllim hərbi xidmətə çağırılan əsgərlərlə bağlı məsələ qaldırdı. Bunu başqa cür izah etmək lazım deyil. Burada məsələ öz həllini tapır.
İkinci məsələyə aydınlıq gətirmək istəyirəm. Təsəvvür edin, ticarətdə, tikintidə çalışanların 50 faizini, kənd təsərrüfatında çalışanların isə 6 faizini sığortaya cəlb edirik. Bu müqayisəyə baxanda görərik ki, kəndlinin cəlb olunmasında narahatlıq doğuran məsələ yoxdur.
Bütövlükdə Qənirə xanımın dediyi məsələdə zəiflətmə yoxdur. Burada maliyyə sənədlərində şərti maliyyə vahidinə keçid nəzərdə tutulur. Bu keçid heç də cərimənin həcmini azaltmır. Cərimənin həcmi bəzi hallarda bir az da çox olur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səlim müəllimin izahatı lazım deyil ki? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.31dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamımız görürük ki, uzun müddətdir, Azərbaycanda pensiya islahatları ardıcıl olaraq aparılır. Ulu öndərimiz həmin islahatların konsepsiyasını müəyyənləşdirmişdir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev birmənalı şəkildə pensiya islahatlarında sosial müdafiə elementlərini önə çəkir. Əgər xatırlayırsınızsa, parlamentdə deputat həmkarlarımız dəfələrlə məsələ qaldırmışdılar ki, əvvəlki illərdə pensiyaya çıxan adamların pensiyası sonrakı illərdə pensiyaya çıxan adamların pensiyasından fərqlənir və həmin adamların sosial müdafiəsi zəifləyir. Bu irad dəfələrlə səslənmişdir. Mən sizə deyim ki, ötən il büdcəmiz müzakirə olunanda da bu məsələ gündəmdə idi. Biz hörmətli Səlim müəllimlə bu məsələni müzakirə etdik. Həm maliyyə imkanlarına görə, həm texniki imkanlara görə, həm də arxiv sənədlərində olan problemlərə görə bu məsələni biz həll edə bilmirdik. Əlbəttə, başlıca məsələ maliyyə məsələsi idi.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin birmənalı tapşırıqları nəticəsində ən çox narahat doğuran bu məsələ öz həllini tapıb. Müzakirənizə verilən 26-cı maddə əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Bu da 19-cu və 26-cı maddələrlə əlaqədardır. Siz yaxşı bilirsiniz ki, əvvəlki illərdə 55 manatdan yuxarı əmək haqqı alan insanlar üçün pensiya hesablanmasında bu məsələ nəzərə tutulmurdu. Yeni variantda isə yüksək hədd götürülüb. Beləliklə, pensiyaya çıxan hər bir vətəndaş bundan sonrakı dövrlərdə, yəni 2006-cı ilin yanvarından əvvəl pensiyaya çıxan adamların hamısının pensiyası yenidən hesablanır.
Mən onu demək istəyirəm ki, bu çox ağır texniki, fiziki güc tələb edən məsələdir. Buna baxmayaraq, bu gün bizim Dövlət Sosial Müdafiə Fondunda yaradılan elektron arxiv buna imkan verir. Eyni zamanda, maliyyə baxımından bizim büdcədən müəyyən transferlər də nəzərdə tutulur və həmin maliyyə dəstəyi nəticəsində bu məsələ öz həllini tapa bilər.
Beləliklə, təxminən 100-150 min pensiyaçının pensiyasının sığorta hissəsi yenidən hesablanacaq. Bu da həmin adamların pensiya vəsaitinin artırılmasına xidmət edəcək.
Qalan məsələlərin hamısında sosial müdafiənin gücləndirilməsi elementləri var. Burada prokuror işçiləri üçün bir məqam nəzərdə tutulur. Bu da 25 ildən yuxarı stajı olan şəxslərə aiddir. Qeyd edim ki, bu məsələ sistemləşdirmə ilə bağlıdır.
Burada bir məsələni səsləndirmək istəyirəm. Həmin məsələni hörmətli Səlim müəllimlə və bu layihənin təşəbbüskarı ilə birlikdə çox geniş müzakirə etdik. Bu da 42-ci maddə ilə, yəni əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfat tarixinə görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinətin verilməsi ilə bağlıdır. Əvvəlki qanun layihəsində baza və sığorta hissəsinin üç aylıq məbləğində müavinət verilməsi nəzərdə tutulurdu. İndi belə çıxır ki, biz baza hissəsini saxlayırıq, amma sığorta hissəsini götürürük. Bunun əsası var.
Birincisi, bizdə 1 milyon 250 min pensiyaçının təxminən 70 faizi 50 manatla 70 manat arasında pensiya alır. Yəni biz pensiyanın baza hissəsinin üç mislini verəndə pensiyaçıların böyük bir qismini əhatə edirik. Sığorta hissəsinə aid olan pensiyaçılar qrupunun isə maliyyə imkanları nisbətən çoxdur. Beləliklə, biz, əslində, həmin düzəlişlə əhalinin sosial müdafiəsini zəiflətmirik. Zəiflənən tərəfin isə pensiyaları yüksəkdir. Biz bunu geniş müzakirə etdik. Nəhayət, bizim komissiya layihəni parlamentə bu cür təqdim etməyi qərara aldı. Burada başqa məsələlər də var. Səlim müəllim sonradan onlara aydınlıq gətirər. Xahiş edirəm, bu layihəyə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Səlim müəllim etiraz etmirsə, müzakirə edək, sonra suallara cavab verər. İlyas İsmayılov, buyurun.
İ. İsmayılov. Doğrudan da, son dövrdə vətəndaşların sosial müdafiəsi və pensiya təminatı ilə bağlı bir sıra qanunlar qəbul edilmiş, “Əmək pensiyası haqqında” Qanunun tətbiqi ilə əlaqədar pensiya sahəsində yeni bir sistemin başlanğıcı qoyulmuşdur. Əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsi, pensiya təminatı yaxşılaşdırılmışdır. Bütün bunlarla yanaşı, həmin qanunlarda Konstitusiya normalarına uyğun olmayan, normativ hüquqi aktların tələblərinə cavab verməyən müddəalar da var. Bu da həmin qanunların ümumi roluna xələl gətirir və ədalət prinsipini pozur. Mən nəyi nəzərdə tuturam? Bizə təklif olunan layihədə də həmin tendensiya görünür.
37-ci maddəyə müəyyən əlavələr olunmuşdur. Pensiyaya çıxdıqdan sonra əsas vəzifədə işləyənlərin pensiya ödənişi dayandırılır. Burada 25 il nəzərdə tutulur. Amma bir istisna var. Müəyyən kateqoriya işçilərə bu, tətbiq olunmur. Niyə bu istisna olmalıdır? Niyə ayrı-seçkiliyə yol verilməlidir? Mən belə hesab edirəm ki, bu maddə digər kateqoriyadan olan işçilərə, o cümlədən hakimlərə də, Mərkəzi Seçki Komissiyasının üzvlərinə də, dövlət qulluqçularına da, ombudsmana da, hərbi qulluqçulara da aid edilməlidir.
İkincisi, Qanunun 18-ci maddəsində ailə başçısını itirməyə görə pensiyaların tətbiqində ziddiyyətlər var. Bir qrup işçilər, biz də daxil olmaqla, ailə başçısını itirməyə görə pensiyanın 80 faizini ala bilərlər. Amma digər qrupdan olan adamlar ala bilmirlər. Mən belə hesab edirəm ki, bu uyğunsuzluq da aradan qaldırılmalıdır, ayrı-seçkiliyə yol verilməməlidir. Sadaladığım işçilərə də bu aid olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Mənim Səlim müəllimə bir sualım var. Olmazmı, biz 26.2-ci maddəni qeydsiz qəbul edək. Bu qeydə görə 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir. Bununla əlaqədar suallar çoxdur. Niyə bu tarixdən əvvəlki insanlara şamil edilmir? Bu məsələ sual doğuracaq. Bu, texniki hesablama ilə, yoxsa pensiya sistemində olan maliyyə hesabatı ilə əlaqədardır? Məbləğ böyükdürsə, biz də bilək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva, buyurun.
J. Əliyeva. Təşəkkür edirəm, cənab Sədr! Sualım qanunun 37.3.4-cü maddəsinin ikinci cümləsinə edilən dəyişikliklə bağlıdır. Həmin dəyişikliyə uyğun olaraq 20.1-ci maddədə sadalanan vəzifələrdə çalışanlara qulluq stajına görə əmək pensiyasına əlavələrin edilməsi üçün 25 illik qulluq stajı müəyyən olunur. Yəni bu kateqoriyaya Baş nazir, onun müavinləri, nazirlər, nazir müavinləri aiddirlər. Aydın məsələdir ki, bu vəzifələrdə həmin müddəti başa vurmaq heç də asan bir iş deyil. Belə olan halda xahiş edərdim ki, 25 ilin hansı meyarlarla müəyyən olunması haqqında sualım cavablandırılsın və həmin müddətin müəyyən olunmasının hansı zərurətdən ortaya çıxdığı izah edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Təşəkkür edirəm. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm. Mən bizim hörmətli Hadi müəllimin izahatlarını çox unikal hesab edirəm. Məsələn, prokurorluq işçiləri üçün konkret halda 25 illik iş stajı qoyulur, yəni onlara daha sərt tələb qoyulur. Deyir ki, bu, sistemləşdirmə işidir və sosial təminat məsələsində irəliyə doğru addımdır. Bunun xeyli dərəcədə prokurorluq və ədliyyə işçilərinə, səhv etmirəmsə, xüsusi rütbəli ədliyyə işçilərinə də aidiyyəti var. Onları bu məsələdən, bu hüquqdan kənarda qoymaqdır. Bunun sistemləşdirmə ilə heç bir əlaqəsi yoxdur. Məsələni adı ilə demək lazımdır.
İkincisi, bilirsiniz ki, son dövrlərdə dirilərin haqqının məhdudlaşdırılmasının şahidi olmuşduq, amma keçən iclasda və indi müzakirə olunan 42.2-cı maddə ölülərin də haqqını əlindən alır. Adam xəcalət çəkir. Yazılır ki, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfat tarixinə görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Sığorta hissəsi çıxarılır, dilənçi payı olan baza hissəsi saxlanılır. Üstəlik deyirik ki, baza hissəsi həmin şəxslərin mənafeyi üçün edilmişdir. Əgər sığorta hissəsinin ləğv olunmasının əvəzinə baza hissəsi üç dəfə yox, yəni əvvəl də üç dəfə idi, altı-yeddi dəfə artırılsaydı, deyilərdi ki, guya əmək haqqı yüksək olan şəxslərin hesabına kasıb şəxslərin meyid haqqı, dəfn haqqı artırılır. Bu nə cür sənəddir?
Mən təəccüb edirəm, necə olur ki, 2008-ci ildə seçkilərdə iştirak edəcək iqtidar namizədinə adamın xəcalət çəkdiyi düzəlişləri qol çəkdirib göndərirlər. Belə çıxır ki, heç kəs mütəxəssis deyil. Mən şəxsən iqtidarın yerinə olsaydım, burada bir təxribat əlamətini müşahidə edərdim. Amma bir daha təkrar edirəm, bu məsələ artıq sistem halını almışdır.
Biz gözəl bir qanun qəbul etmişik. “Əmək pensiyaları haqqında” Qanun kifayət qədər normaldır, yüksək səviyyəli Qanundur. Amma keçən ilin aprel ayında altı-yeddi düzəliş etdik. Bu gün müzakirə etdiyimiz Qanuna aid olduğuna görə bunu xatırladıram. Orada müharibə veteranlarına aid bir müddəa əlavə etdik. O zaman hörmətli Ziyafət müəllimə sual verdim ki, bu qanunun geriyə qüvvəsi olacaqmı? Yəni belə tövsiyə oluna bilər ki, əvvəl mövcud olan qanunvericiliyə uyğun olaraq veteran statusu almış şəxslər bundan məhrum edilsin. Hörmətli Ziyafət müəllim dedi ki, bu, konstitusion normadır və heç vaxt geriyə tətbiq oluna bilməz. Amma son günlər respublikanın müxtəlif yerlərindən məktublar daxil olmağa başlayıb ki, hərbi komissarlar bizim qəbul etdiyimiz həmin əlavəyə istinad edirlər. Orada yazılmışdı ki, vahid nümunədə veteran kitabçası verilir. Buna istinad edərək veteranların səlahiyyətlərini alırlar. Hərbi komissarlığa da müraciətlər olunub, amma faktiki olaraq “Əmək pensiyası haqqında” Qanuna bizim elədiyimiz həmin əlavə nəticəsində xeyli insan əziyyət çəkir. Ona görə də bu çox ciddi bir məsələdir.
Mənə burada deyilsəydi ki, vəfat etmiş şəxsin üç aylıq pensiyası ilə onun dəfn mərasimi xərclərini ödəsək, sığorta hissəsi bir neçə milyard manatı əhatə edəcək, onda fikirləşərdik. Düşünərdik ki, maliyyə mənbəyi yoxdur və buna gedərdik. O baxımdan sizi 43-cü maddənin qəbul edilməsinin əleyhinə səs verməyə dəvət edirəm.
Bir də İlyas müəllimin dediyi fikirlərə toxunmaq istərdim. Elə məsələlər vardır ki, ayrı-ayrı şəxslərə müəyyən güzəştlər olmalıdır. Lakin lüzumsuz ayrı-seçkiliyin pensiyalarla, sosial müavinətlərlə bağlı məsələlərə gətirilməsi yolverilməzdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Musa Quliyev, buyurun.
M. Quliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Çıxışıma məndən öncə çıxış edən deputat Pənah Hüseynovun “xəcalət” sözü ilə başlamaq istəyirəm. Bilirsiniz, xəcalət çəkmək və təəccüb etmək 1992-ci ildə mümkün idi. 1992-ci ilin xəcalətini biz indi də çəkirik. İndi də təəccüb edirik: necə oldu ki, həmin dövrdə bu cür səriştəsiz insanlar hakimiyyətə gəldilər və Azərbaycana rəhbərlik etdilər. Biz isə nə xəcalət çəkirik, nə təəccüb edirik, nə də qanunları gələcək seçkiyə hesablayaraq populist addımlar atırıq. Biz qanunları qəbul edirik və çalışırıq ki, ədalətli olsun, xalqa ədalətlə xidmət etsin.
Bu gün “Əmək pensiyası haqqında” Qanuna edilən dəyişikliklər həm onu təkmilləşdirir, həm də qanunun tətbiqindən istifadə edən insanlar arasında ədalətin tənzim olunmasına xidmət edir. Bəli, bu Qanun qəbul olunanda ölkənin sosial-iqtisadi imkanları, xüsusi ilə sığorta fondunun imkanları o qədər də geniş deyildi və pensiyaya çıxan bütün şəxslərin hamısına orta aylıq əmək haqqı məbləğində pensiya hesablamaq mümkün deyildi. 2005-ci ildə Qanun qəbul olunanda biz düşünürdük ki, Azərbaycanın elə bir vaxtı gələcəkdir ki, onda müvəqqəti tətbiq etdiyimiz məhdudiyyət aradan qalxacaq. Bəli, həmin vaxt gəlibdir. Artıq Azərbaycanın büdcəsi imkan verir ki, bu qanun qəbul olunandan sonra pensiyaya çıxan insanların da pensiyası hesablanarkən orta aylıq əmək haqlarına qoyulan məhdudiyyət götürülsün. Bunun nəyi pisdir? Bunun 2008-ci il yanvarın 1-dən tətbiq edilməsi isə dövlət büdcəsi ilə və sosial fondun büdcəsi ilə bağlı olan məsələdir.
32.1-ci maddədə göstərilir ki, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Bu da yaxşıdır. Əlbəttə, qanunun geriyə qüvvəsi olmadığına görə qanun qüvvəyə minəndən sonrakı dövr üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranır və nə vaxt müraciət olunsa, həmin şəxsin hüququ da təmin ediləcəkdir.
Pənah bəyi təəccübləndirən və narahat edən 42-ci maddənin 2-ci bəndi ilə bağlı demək istəyirəm ki, bəli, bu Qanun qəbul olunarkən həmin maddədə səhvə yol verilmişdir. Qanun qəbul olunarkən biz onun baza hissəsini əsas götürməliyik. Nəyə görə vəfat etmiş pensiyaçının 3 aylıq məbləğində pensiyası götürülür? Təbii ki, vəfat edən adam həmin pulu xərcləmir. Pənah bəy deyir ki, ölünün pulunu kəsirlər. Ölüyə pul lazım deyil. Həmin pul dəfn mərasimi xərclərini ödəmək üçün verilir. Gərək dirilərimizin arasında da bərabərliyi təmin edək. Dirilərin arasında bərabərliyi təmin edə bilməsək, heç olmasa, ölülərin arasında bərabərliyi təmin etməliyik. 42-ci maddənin ikinci hissəsində verilən dəyişiklik məhz vəfat edən insanların hamısına bərabər dəfn xərclərinin verilməsini təmin edir. Azərbaycanda pensiyaçıların təxminən 85 faizi baza pensiyası və onun ətrafında pensiya alan şəxslərdir. Bu dəyişikliyin aradan qaldırılması heç kəsin, xüsusilə vəfat etmiş insanın hüququnu pozmayacaqdır. Bu, bərabərliyin və ədalətin təmin olunmasına xidmət edən bir dəyişiklikdir. Hörmətli deputat həmkarlarım, mən təklif edirəm ki, səsə qoyaq. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən keçən iclaslarda bu məsələni gündəliyə gətirdim. Əgər xatırlayırsınızsa, hörmətli həmkarımız Hadi Rəcəbli bu məsələyə aydınlıq gətirərkən belə bir fikir söylədi ki, növbəti yığıncaqlarda bununla bağlı müəyyən dəyişikliklər olacaqdır. Mən çox şadam ki, nəhayət, 26.2-ci maddədə bu dəyişiklik edildi. Mən bunu müsbət qarşılayıram.
Düşünürəm ki, bu dəyişikliklər sosial müdafiəyə ehtiyacı olan çoxsaylı insanların yaşayış səviyyəsinin normallaşmasında müəyyən rol oynayacaqdır. Lakin mən çox istərdim ki, bu cür qanunlara cəmi iki il keçməmiş bir daha qayıtmayaq. Həmkarımız Musa Quliyev bunu maliyyə imkanlarının məhdudluğu ilə bağladı. Qanunlar maliyyə imkanlarının məhdudiyyəti ilə ölçülməli deyil. Qanunlar strateji xarakterli məsələdir və onlar proqnozlaşdırılaraq müəyyənləşdirilməli və qəbul olunmalıdır. Son dərəcə ciddi əhəmiyyət kəsb edən və ölkə Prezidentinin müəyyən etmiş olduğu sosial siyasətin mahiyyətinə uyğun olan bu cür qanunlara biz tez-tez müraciət etməməliyik.
İndi burada rəqəm söylədilər. Əgər on minlərlə insan qanunda yanaşmanın düzgün olmadığına görə ədalətsizliklə üzləşibsə və bu gün ölkə Prezidenti bunu aradan qaldırırsa, alqışlara yalnız ölkə Prezidenti layiqdir. Nə komissiya üzvləri, nə millət vəkilləri, nə də başqaları buna layiqdirlər, çünki bizim səhvimizi ölkə Prezidenti aradan qaldırır.
Hər birimiz dövlətimizi sevirik, ümumi inkişafa müsbət yanaşırıq. Ona görə də mən xahiş edərdim ki, bu cür qanunların qəbul edilməsində diqqətli olaq və bir daha bu məsələyə qayıtmayaq. Ona görə ki, bu cür insanların, doğrudan da, sosial müdafiəyə ehtiyacı var. Bütövlükdə bu qanunların müsbət tərəflərini qeyd etməklə onun bu şəkildə qəbul edilməsinə tərəfdaram və hörmətli millət vəkillərinin də müsbət münasibət bildirməsini istərdim.
Sədrlik edən. Çox sağ olun. Səlim Müslümov, buyurun. Xahiş edirəm, Siz də qısa və konkret danışın.
S. Müslümov. Təşəkkür edirəm. Mən suallara lakonik cavab verməyə çalışacağam. Hörmətli İlyas müəllim sual verdi ki, 37.3.4-cü maddədə niyə istisna baş verir? Sonra həmin məsələyə Jalə xanım da çıxışında qayıtdı. Burada söhbət nədən gedir? “Əmək pensiyaları haqqında” Qanunda iki kateqoriyadan, yəni prokurorluq və ədliyyə orqanları işçilərindən söhbət gedir. Əgər onlar 25 il xidmət ediblərsə və xidmət etməkdə davam edirlərsə, onlara pensiya təyin olunur. Yəni bu adamlar həm öz maaşlarını alırlar, həm də onlara 25 illik qulluğa görə təyin olunmuş pensiyanın 50 faizini alırlar. Burada müəyyən hallar baş verir. Yəni bəzi insanlar bundan istifadə edirlər. 25 il qulluq etmədən həm pensiya, həm də əmək haqqı almaq istəyirlər. Əgər 37-ci maddəyə həmin bənd əlavə olunmasa, onlar bu hüquqdan istifadə etmək imkanına malik olurlar. Ona görə də bu uyğunsuzluğu aradan qaldırmaq üçün həmin dəyişiklik təklif olunur. Yalnız ədliyyə və prokurorluq orqanlarında 25 ildən artıq qulluq edərək çalışmaqda davam edən şəxslər 50 faiz pensiya almaq hüququna malikdirlər, ancaq bu şərti yerinə yetirmiş olsunlar. Əgər əlillik qrupu əldə edərək 25 il qulluq etmədən pensiya hüququ əldə ediblərsə, bu halda onlara həmin pensiya verilməyəcək. Dəyişiklik bununla bağlıdır.
İlyas müəllimin qaldırdığı ikinci məsələyə də aydınlıq gətirmək istəyirəm. Bəli, bu çox düzgün məsələdir. Qanunun 20-ci maddəsinə görə müəyyən insanların güzəştli şərtlərlə pensiya əldə etmək hüququ var. Bu, Qanunda təsbit olunub. Amma “Əmək pensiyaları haqqında” Qanun qəbul edilməmişdən öncə həmin kateqoriyaya aid insanların ayrı-ayrı sahə qanunları vardı. Həmin qanunların tərkibində müəyyən güzəştlər nəzərdə tutulurdu. Ona görə də “Əmək pensiyaları haqqında” Qanunu hazırlayanda həmin sahə qanunlarındakı güzəştləri məcburi şəkildə bu Qanuna da saldıq.
Bu gün cənab Prezidentin tapşırığı belədir ki, gələcəkdə yavaş-yavaş unifikasiya getsin və belə güzəştlər ortadan götürülsün. İnsanlar üçün vahid pensiya sistemi ortaya qoyulsun. Bunun da bir yolu var. O da fərdi uçot sistemidir. Bu gün Azərbaycanda həmin sistemə keçilir. Hər kəs üçün hesab açılır, bütün fəaliyyəti boyu onun ödədiyi sosial sığorta haqları həmin hesabda toplanır və həmin hesabdan nə qədər vəsait toplayacaqsa, gələcəkdə ona uyğun pensiya veriləcək. Yəni vahid çıxış yolu budur. Getdikcə bu məsələ həyatda öz əksini tapacaq və həmin güzəştlər sistemi ortadan qaldırılacaq.
Burada Vahid müəllim qeyd etdi ki, 26.2-ci maddəyə niyə qeyd qoyulub? Məsələ ondadır ki, məhdudiyyət götürüləcək və pensiyalar yenidən hesablanacaq. Həmin məhdudiyyətlər müəyyən dövrlərdə tətbiq olunub. Pensiyaçının birinə 1997-ci ildə, o birinə 2000-ci ildə şamil edilib. Qanuna indi edilən dəyişiklik o demək deyildir ki, onlara bu hüquq həmin dövrlərdən verilir. Yəni bu qeyd göstərir ki, həmin hüququ onlar 2008-ci il yanvarın 1-dən əldə edəcəklər və yenidən artırılmış pensiyanı 2008-ci il yanvarın 1-dən sonra alacaqlar.
Pənah Hüseynin dediyi məsələləri mən izah etdim. Prokurorluq və ədliyyə işçilərinə verilən müəyyən güzəştlər aradan götürülür. Əlilliyə görə pensiya hüququ əldə edib, işləyə-işləyə həm də bu pensiyanı almaqla bağlı güzəşti ortadan götürmək üçün biz 37.3.4-cü maddəyə dəyişiklik edirik. 42.2-ci maddə ilə bağlı demək istəyirəm ki, burada dövlət heç bir qənaət etmir. Əksinə, bunun tətbiqi ilə bağlı növbəti ildə 1 milyon manatdan artıq vəsait sərf olunacaq.
Mən sizə müəyyən statistik rəqəmləri də demək istərdim. 2006-cı ildə ölənlərin sayı 53 min 310 nəfər olubdur. Bunun 39 min 80 nəfərinin dəfni üçün bizim fonddan, yerdə qalanların dəfni üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müavinət verilibdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən dəfni üçün müavinət verilənlərin 2330 nəfəri istehsalatda işləyənlərdir. Yəni sosial sığorta ödəyiciləridir. 36 min 760 nəfər isə pensiyaçılardır. Bu gün istehsalatda çalışıb bizə sosial sığorta haqqı ödəyənlər və nazirliyin xətti ilə müavinət alanlara ödənən dəfn müavinəti cəmi 65 manatdır. Pensiyaçılarınkı isə ən azı 150 manatdır. Çünki baza hissəsi 50 manat olduğundan onun üç misli 150 manat edir. Bu gün biz elədiyimiz dəyişikliklər həm nazirliyin xətti ilə müavinət alanlar üçün, həm də pensiyaçılar üçün eyni şərait yaradır. Bundan sonra onların ailələri dəfn üçün əmək pensiyasının bazasının 3 misli məbləğində müavinət alacaqlar.
Digər kateqoriyaların pensiyaçılarla bərabərləşdirilməsi hesabına 1 milyon 650 min manat əlavə vəsait tələb olunur, amma sığorta hissəsinin götürülməsi hesabına 600 min manat qənaət edilib. Yəni bu hesablamalar aparılıb və büdcədə nəzərdə tutulub.
Ümumiyyətlə, bu gün bizim qeyd etdiyimiz 20-ci maddəyə görə 10 mindən çox insan güzəştli pensiya alır. Bununla yanaşı, məhdudiyyət ortadan götürüldüyünə görə müxtəlif məbləğdə pensiya alanlar var. Min manat, iki min manat pensiya alanlar var. Necə olur ki, həmin insan rəhmətə gedəndə onun ailəsinə 6 min manat, amma 300-400 min nəfərin ailəsinə cəmi 150 manat verməliyik? Axı, dəfn mərasiminə fərq qoyula bilməz. Bu, ümumi bir rəqəmlə ifadə olunmalıdır və hamının ailəsinə eyni müavinət verilməlidir. Bu, məntiqəuyğun bir məsələdir. Mən şəxsən belə fikirləşirəm. Digər ölkələrin təcrübəsində də bu məbləğ vahid rəqəmlə və hamı üçün eyni şəkildə müəyyən olunub. Bu məsələ pensiyaların məbləğinə bağlanmayıb. Ona görə də xahiş edirəm, bunu düzgün qəbul edəsiniz və onun məntiqi cəhətdən doğru olduğunu qəbul edəsiniz. Məncə, onu başqa məsələlərə bağlamaq doğru deyil. Məntiq və maliyyə baxımından burada tamamilə ayrı-ayrı məqsədlər gözlənilib. Yəni ortada maliyyə baxımından bizim hər hansı bir qazancımız yoxdur.
Nəhayət, burada Fəzail müəllim bir məsələni düzgün qeyd etdi. Bu gün Dövlət Sosial Müdafiə Fondunun apardığı bütün işlər cənab Prezidentin verdiyi tapşırıqlar əsasında həyata keçirilir. Bütün hallarda fəaliyyətimiz ölkənin aztəminatlı əhalisinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. Qanunlara edilən dəyişikliklər də bununla bağlıdır. Hər halda mən belə fikirləşirəm ki, sosial müdafiə orqanının başında duran şəxs kimi, ən böyük məsuliyyəti cənab Prezidentin qarşısında mən daşıyıram. Heç zaman istəmərəm ki, qanunlara edilən dəyişikliklər xidmət etdiyimiz əhaliyə mənfi təsir göstərsin. Ona görə də mən sizdən xahiş edirəm, bütün dəyişiklikləri müsbət qəbul edəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.01 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə edilən bu əlavə cənab Prezident tərəfindən təklif olunmuş sənədlər paketinin tərkib hissəsidir. Bu əlavə “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” qanunlarla bağlıdır. Edilən əlavə məhz burada geniş müzakirə olunmuş məsələlərlə bağlıdır. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət təklif olunur və bu məsuliyyət İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş hədlər çərçivəsindədir. Düşünürəm ki, burada mübahisəli bir məqam yoxdur. Millət vəkillərindən qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 10.3-cü maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif edilir: “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır”. Millət vəkillərindən bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi təklif edilir. 21.11-ci və 21.12-ci maddələr çıxarılır. 22.16-cı maddənin aşağıdakı redaksiyada verilməsi təklif edilir: “Milli Bankda əməyin ödənilməsi formaları və miqdarı Azərbaycan Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirilir”. 59.5-ci maddə isə aşağıdakı redaksiyada verilir: “Milli Bankın əməkdaşlarının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir”. Bu barədə hörmətli Səlim müəllim kifayət qədər əsaslandırılmış məlumat verdi. Millət vəkillərindən xahiş olunur ki, bu məsələyə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyimiz kimi, Azərbaycan Respublikası hazırda iqtisadi yüksəliş dövrünü yaşayır. Bununla yanaşı, ölkənin geniş iqtisadi islahatlara söykənən ümumi islahat konsepsiyasında ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə istifadə məsələləri də mühüm yer tutur. Hazırda ölkədə ətraf mühitə təsir edən mənfi amillərin qarşısının alınması və ekoloji təhlükəsizliyin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilir.
Bu gün cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz bu məqsədə və mərama xidmət edir. Ətraf mühitə zərərli təsirlərin azaldılması, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində ölkə Prezidenti müvafiq tapşırıqlar və sərəncamlar vermişdir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2007-ci illər üçün kompleks tədbirlər planı” da bu sıradan olan sərəncamlardandır. Bu tədbirlər planının 7-ci bəndi qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədardır. Belə ki, ekoloji təhlükəsizlik qaydalarının əleyhinə olan inzibati xətalara görə inzibati tənbehin sərtləşdirilməsi bu planda bir tövsiyə kimi verilmişdir. Bu sənəd müvafiq işçi qrupları tərəfindən işlənib hazırlanmış və cənab Prezident tərəfindən imzalanıb parlamentə təqdim olunmuşdur.
Qeyd etməliyəm ki, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən istifadə sahəsində təbiətə vurulan ziyanın ödənilməsinə dair qüvvədə olan sanksiyalar müasir qiymətlər səviyyəsində deyil və bunun ümumiləşdirilməsinə ehtiyac var. Bütövlükdə bu gün bizim İnzibati Xətalar Məcəlləsində mövcud olan sanksiyaların yuxarı həddi müasir tələblərə cavab vermir. Ona görə də qanun layihəsinin 1-ci bəndində bütövlükdə inzibati cərimə ilə bağlı sanksiyaların artırılması təklif olunur. Bu, 25-ci maddə ilə bağlıdır. Həm fiziki şəxslər, həm vəzifəli şəxslər, həm də hüquqi şəxslərdən ötrü İnzibati Xətalar Məcəlləsində maksimum sanksiyalar müəyyənləşdirilib. Bu hədlər müvafiq olaraq fiziki şəxslər üçün şərti maliyyə vahidi məbləğinin min mislinə, vəzifəli şəxslər üçün şərti maliyyə vahidi məbləğinin 5 min mislinə və hüquqi şəxslər üçün şərti maliyyə vahidi məbləğinin 50 min mislinə qədər müəyyən olunur.
Digər dəyişikliklər isə ekoloji sahədə olan inzibati xətaların tənzimlənməsinə aiddir. Maddələrin dispozisiyasında heç bir dəyişiklik olmayıb, yalnız sanksiyalar dəfələrlə artırılır.
Bu məsələ həm işçi qrupunda, həm də komissiyada geniş müzakirə olunmuşdur. Biz bu sanksiyaların artırılmasının tərəfdarıyıq, amma yeganə təklifimiz ondan ibarət olub ki, sanksiyaların miqdarının müəyyən olunması metodikasını dəqiqləşdirmək lazımdır. Ola bilər ki, bu, millət vəkillərində müəyyən suallar yaratsın, çünki müxtəlif maddələrdə müxtəlif xətalarla bağlı çox fərqli rəqəmlər var. Qeyd etmək istəyirəm ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu müəllimlə və qanunvericilik təcrübəsi subyekti ilə apardığımız danışıqlar nəticəsində ümumi bir razılığa gəlmişik, bu artımlar müəyyən bir metodikaya söykənməlidir. Ona görə istəyirəm, bu fikrimi nəzərə alasınız. Biz artıq işçi qaydasında sanksiyaların müəyyən bir metodikaya, prinsipə uyğun olaraq artırılması ilə bağlı razılaşmışıq. Bu qanun layihəsi qəbul olunarsa, ekoloji problemlərin aradan qaldırılmasına müsbət təsirini göstərəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələnin müzakirəsində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri hörmətli Hüseynqulu Bağırov da iştirak edir. Bu elə bir məsələdir ki, müzakirə etməliyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 84
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hüseyn müəllim, qanun layihəsinin müzakirəsində iştirak etdiyiniz üçün çox sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən artıq qeyd etdim ki, cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif olunmuşdur. Mahiyyət ondan ibarət idi ki, 25-ci maddədə sanksiyalar artırılır. Amma bilirsiniz ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində bu hədlərlə bağlı bu qədər geniş fərq ola bilməz. Ona görə təklif etmişik ki, Cinayət Məcəlləsində də cərimə həddi sanksiyası yüksəldilsin.
Təklif olunur ki, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş şərti maliyyə vahidi məbləğinin min mislindən on min mislinədək miqdarda müəyyən olunsun. Hesab edirəm ki, bu təklif parlament tərəfindən dəstəklənəcəkdir, çünki Cinayət Məcəlləsi ilə İnzibati Xətalar Məcəlləsinin cərimələri arasında fərq müəyyən minimuma çatdırılmalıdır. Bu, hüquqi və məntiqi baxımdan da daha düzgün olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.14 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 4
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlarım, bilirsiniz ki, bu yaxınlarda Milli Məclisdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” çox maraqlı bir qanun qəbul olundu. Bu qanunun qüvvəyə minməsi ilə bağlı olaraq Azərbaycan Respublikasının bir sıra qanunlarına əlavə və dəyişikliklər edilir. Qəbul etdiyimiz qanunun tətbiqi ilə bağlı digər qanunlarda dəqiqləşdirmələr aparırıq, daha dəqiqi isə onların icrası rahat olsun deyə bu müddəalar növbəti qanunlara köçürülür. Ona görə hesab edirəm ki, bu qanun layihəsini səsə qoymaq olar.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.15 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 4
İştirak edir 89
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkə başçısı cənab İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının təsdiq edilməsi haqqında 1 fevral 2006-cı il tarixli sərəncamına və Nazirlər Kabinetinin 22 oktyabr tarixli iclasında cənab Prezidentin çıxışından irəli gələn tövsiyələrə uyğun olaraq yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi təklif olunmuşdur.
Hamımıza məlumdur ki, nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir. Onunla düzgün davranmamaq ağır nəticələrə gətirib çıxarır və günahsız insanlar ehtiyatsız və etinasız hərəkətin qurbanına çevrilirlər. Ölkə başçısı tərəfindən bu məsələlər tamamilə düzgün olaraq diqqət mərkəzinə çıxarılmışdır və nəticədə bu sahənin tənzimlənməsindən ötrü parlamentə qanun layihəsi təqdim olunmuşdur.
Mən qısaca olaraq qanun layihəsinin yenilikləri üzərində dayanmaq istəyirəm. Qanun layihəsində yenilik ondan ibarətdir ki, məcəlləyə 152-1, 151-2, 152-3, 152-4 və 152-5-ci maddələr əlavə olunur. İnzibati Xətalar Məcəlləsinin qüvvədə olan redaksiyasından fərqli olaraq nəqliyyat vasitələri sahiblərinin məsuliyyəti daha da dəqiqləşdirilir. Belə ki, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyə görə, nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə edilməsinə görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə və ən təhlükəlisi sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə müəyyənləşdirilən məsuliyyətin hər biri ayrılıqda bu layihədə göstərilir.
Qanun layihəsinin mühüm bir yeniliyi ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinə “Avtoxuliqanlıq” adlı yeni bir maddə təklif olunur. Avtoxuliqanlıq hərəkətinin mövcud olmasına baxmayaraq, təəssüf ki, bizim qanunvericilikdə buna görə məsuliyyət nəzərdə tutulmamışdı. Avtoxuliqanlığın anlayışı da bu maddədə verilir: “Avtoxuliqanlıq nəqliyyat vasitəsinin sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətdir.” Avtoxuliqanlığın bu anlayışı bütünlükdə xuliqanlıq cinayəti ilə bağlı olan anlayışa yaxındır və hesab edirəm ki, düzgün verilmişdir.
Qüvvədə olan 151 və 152-ci maddələr də yeni redaksiyada verilmişdir. Amma qeyd etmək istəyirəm ki, 153-dən 159-cu maddəyə qədər olan əlavə və dəyişikliklər həm yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla, həm də vətəndaşlarla yol polisi əməkdaşları arasındakı münasibətlərlə bağlıdır. 163 və 221-ci maddədə olan dəyişikliklər isə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan xətalardır. Cənab Prezident tərəfindən təqdim olunan qanun layihəsi problemin hərtərəfli həll olunmasına yönəlmişdir. Layihədə yol polisi əməkdaşlarının da məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 452-1-ci maddəsinə müvafiq olaraq inzibati xətanın törədildiyi yerdə fiziki şəxsdən inzibati cərimə tutulduqda ona müəyyən edilmiş nümunədə qəbz verilməlidir. 451.3-cü maddədə isə qeyd olunur ki, bu məcəllənin 452-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla inzibati cərimə banka və ya səlahiyyətli kredit təşkilatına ödənilir və ya köçürülür. Beləliklə, bu əlavənin məzmunu ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanının əməkdaşı bu məcəllənin 451.4-cü maddəsinin tələblərini pozmaqla cərimələri alarsa, – təəssüf ki, bəzi hallarda bu, baş verir, – o, şərti maliyyə vahidinin müəyyən məbləğində cərimə olunacaqdır.
414.1-ci maddədə nəzərdə tutulurdu ki, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan bir günədək müddətində hakimə, səlahiyyətli orqana göndərilir. Artıq bu müddət 48 saat müəyyən olunur.
Mövcud məcəllənin 430.3-cü maddəsində səlahiyyətli orqanın qərarından yuxarı səlahiyyətli orqana şikayət və ya protest verilməsi nəzərdə tutulmuşdu. Artıq səlahiyyətli orqanın hərəkətindən məhkəməyə şikayət və ya protest verilməsi nəzərdə tutulur.
Qanun layihəsində “Yol hərəkəti haqqında” Qanuna da bir sıra əlavə və dəyişikliklər təklif olunur. Hamımıza məlumdur ki, bu gün Bakı şəhərinin yollarında tıxac problemi vardır. Bu məsələnin bir hissəsini qanunla nizamlamaq məqsədi ilə 42-ci maddəyə aşağıdakı məzmunda XV hissə əlavə edilir: “Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir”.
“Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinə də müəyyən düzəlişlər təklif olunmuşdur. Əsas prinsipial düzəlişlər qeyd etdiyim məsələlərlə bağlıdır.
Qanun layihəsində bir sıra texniki xarakterli düzəlişlər də var. Qeyd etmək istəyirəm ki, müəyyən problemlər müvafiq dövlət orqanlarının qarşılıqlı razılaşdırılması ilə bütövlükdə həll oluna bilər. Bu həm yol hərəkətinin tənzimlənməsinə cavab verən yol polisi orqanlarının, həm də Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasından asılıdır. Yol nişanları, işıqforların müəyyənləşməsi və sair məsələləri nəzərdə tuturam.
Müzakirələr zamanı komissiya üzvləri tərəfindən də “Yol hərəkəti haqqında” Qanuna bir sıra mütərəqqi təkliflər verilib. Biz bunları müvafiq dövlət orqanları və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırmışıq. Ona görə də bunları sadalayıb vaxtınızı almaq istəmirəm. Amma bütövlükdə hesab edirəm ki, belə bir qanunun qəbul olunması, yeni anlayışların verilməsi və sanksiyaların artırılması bu günün tələbidir. Elə bilirəm ki, qanun layihəsi parlament tərəfindən dəstəklənəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən görürəm, bu məsələyə maraq büdcənin müzakirəsinə olan maraqdan da çoxdur. 23 nəfər yazılıb və yazılmaqda da davam edirlər. Ona görə gəlin, çıxışların vaxtını 3 dəqiqə müəyyənləşdirək. Burada yeni məsələ avtoxuliqanlıq haqqında edilən əlavədir. Yəqin filmlərdən də görmüsünüz, belə bir vəziyyət 20 il bundan qabaq Qərb ölkələrində də olub. Bu xəstəlik indi Azərbaycana sirayət edib. Bunun qarşısını almaq lazımdır. Əsas məsələ budur.
Bir də, bununla bağlı sanksiyanın artırılması vacibdir. Cənab Prezident dedi, yol hərəkəti qaydalarını pozanların əksəriyyəti belə cüzi cərimələrə heç fikir də vermirlər. Xaricdə qoruyucu kəməri taxmayanlardan 100 avro pul alırlar. Şəhərdə qayda-qanun yaratmaq istəyiriksə, bu qanun layihəsinə müsbət münasibət bildirməliyik.
Müzakirəyə başlayırıq. Mən istərdim ki, suallar verilsin, geniş çıxışlara, müzakirəyə nə ehtiyac var? Kimin nə sualı var, versin. Daxili işlər nazirinin müavini Oruc Zalov bugünkü iclasımızda iştirak edir, o, Dövlət Yol Polisinin kuratorudur. Məlahət Həsənova, buyurun.
M. Həsənova. Oqtay müəllim, mənə imkan yaratdığınıza görə çox sağ olun. Mənim hörmətli Oruc Zalova bir neçə sualım var. Dünyanın digər ölkələrində də, təbii ki, problemlərin həlli təkcə dövlət qurumlarından asılı deyil, ictimai nəzarət həlledici məqamlardan biridir. İnkişaf etmiş ölkələrin nəqliyyatla bağlı olan problemlərində də ictimai nəzarətin çox böyük rolu var. Təbii ki, mən bu qanun layihəsinə səs verəcəyəm, bu mənim də ürəyimcədir. Amma bir neçə sualım var. Bütün inkişaf etmiş ölkələrdə ictimai nəzarət mövcuddur, qaynar xətt fəaliyyət göstərir. Bizim hər birimiz küçədə kifayət qədər avtoxuliqanlarla rastlaşırıq. Hədsiz dərəcədə qəza vəziyyəti yaradırlar, maşınları sıxışdırırlar, bir-birini ötürlər, müxtəlif siqnallar səsləndirirlər. Mənim birinci sualım ondan ibarətdir ki, nə üçün bu gün Azərbaycanda insanların bir-birinə nəzarət etməsi üçün belə bir qaynar xətt yaradılmır?
İkinci, Azərbaycan dünyaya inteqrasiya edir, xarici ölkələrə gedib-gəlirik. Xarici ölkələrdəki sürücülərin istər geyimi, istər davranışı, istərsə də mədəniyyəti bizdən çox fərqlidir. Çox təəssüf ki, Azərbaycanda “sürücü mədəniyyəti” məfhumu, demək olar ki, yoxdur. Bununla bağlı soruşmaq istərdim ki, bu gün Azərbaycanda sürücülərin attestasiyası məsələsi gündəmdədirmi?
Üçüncü sualım tıxaclarla bağlıdır. Bu gün yollarda yaranmış tıxacların əsas səbəbi qeyri-qanuni marşrut taksilərinin küçələrdə şütüməsidir. Onlar istənilən yerdə maşını saxlayıb, ya sərnişin götürürlər, ya da sərnişin düşürürlər. Bu gün Azərbaycan, həqiqətən də, dünyanın lider dövlətlərindən birinə çevrilib. Bütün sahələrdə bizim yüksək göstəricilərimiz var və şəhərimizə dünyanın ən tanınmış insanları gəlir. Bu gün belə özbaşına fəaliyyət göstərən marşrut taksiləri yığışdırılmalıdır. Mən istərdim ki, suallarıma cavab verilsin. Çox sağ olun.
Sədrlik edən. Siz yalnız sual vermədiniz, həm də çıxış elədiniz, Məlahət xanım. 60 sual olarsa, bilmirəm, Oruc müəllim bunlara necə cavab verəcək. Onda mən bir sual verəcəyəm. Bu dəyişikliklərə kimin etirazı var? Etirazı olan varsa, xahiş edirəm, desin. Fazil Qəzənfəroğlunun etirazı var. Buyurun.
F. Mustafayev. Çox sağ olun, Oqtay müəllim. Burada bir neçə məsələ var ki, biz də buna tərəfdarıq. Xüsusi ilə avtoxuliqanlıqla bağlı maddənin buraya salınması çox yaxşıdır. Amma mənim bu anlayışla bağlı bir az başqa təklifim var. Mən hesab edirəm ki, burada avtoxuliqanlıq, yəni nəqliyyat vasitələrinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini qəsdən pozan və yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə qəza vəziyyəti yaratmaqla müşahidə olunan qərəzli hərəkətlər avtoxuliqanın daha konkret, daha aydın obrazını müəyyən etməyə imkan yarada bilər. Avtoxuliqanlıqla bağlı maddə həm də Cinayət Məcəlləsinə salınmalıdır. Burada inzibati həbsdən başqa bir neçə dəfə davamlı şəkildə bu fəaliyyətin göstərilməsinə görə cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır.
İkinci, mən istəyirəm, bir neçə prinsipə toxunam. Təbii ki, yol hərəkəti qaydalarının tənzimlənməsi olduqca vacibdir. Amma mən hesab edirəm ki, cərimələri qaldırmaqdansa, daha çox polislərin əmək haqqını qaldırmaq daha faydalı olar. Başqa orqanlarla müqayisədə bu fərqin götürülməsi daha faydalı olar. Avtomobil işlədən, nəqliyyat vasitəsinə malik olan əhali üçün bu, böyük çətinliklər yaradacaq. Burada ziddiyyətlər nədən ibarətdir? Ziddiyyət ondan ibarətdir ki, bütün sanksiyalarda fiziki, vəzifəli və hüquqi şəxslərin arasında çox böyük məsafə qoyulur. Bu məsafəyə nə ehtiyac var? Biz bəlkə hamısını fiziki şəxslərlə eyni kateqoriyadan götürək? Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən şəxslər üçün bunun nə fərqi var? Onsuz da hədəf, obyekt vətəndaşdır. Vətəndaşa zərər vurursa, bunu kimin etməsinin önəmi varmı? Ona görə hesab edirəm ki, bu məsələyə daha obyektiv yanaşmağımız vacibdir.
Digər vacib məsələlərdən biri də yol hərəkəti qaydalarında piyadalara qarşı cəzaların qaldırılmasıdır. Piyadalara qarşı sanksiyalar o vaxt qaldırıla bilər ki, onlar üçün, əlillər üçün səkilərdə hərəkət etməyə yer saxlanılsın. Hamıya məlumdur ki, piyadaların bütün yolları bağlanıb. Elə yollar var ki, yolun bir tərəfindən o biri tərəfinə keçmək üçün bir-iki kilometr piyada yürüməlisən. Haradan keçsə, qanunsuz olacaqdır. Biz şərait yaratmadan, piyadaların keçməsi üçün...
Sədrlik edən. Reqlament 3 dəqiqədir. Çıxış üçün təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bayaq hamı razı idi. Bir nəfər çıxış edən kimi hamıda suallar yarandı. Buyurun, Elmira xanım.
E. Axundova. Mənim, heç olmasa, bu barədə danışmağa haqqım var. Mən yeganə deputatam ki, iki dəfə – həm yaz sessiyasında, həm də payız sessiyasında yol hərəkəti qaydaları haqqında təkliflə çıxış etmişəm. Mənim bütün təkliflərim Prezident tərəfindən qəbul olunub və mən buna çox sevinirəm. Biz – deputatlar hadisələrin dalınca gedirik, onları qabaqlamırıq. Yaz sessiyasında bunu özümüz də qəbul edə bilərdik. Mən bu təklifləri vermişdim və bu gün də hamıdan çox sevinirəm. Bu barədə bir neçə məqalə yazmışam və təkliflərimi Prezidentin İcra Aparatına da təqdim etmişəm. Sevinirəm ki, Prezident bütün məsələlərə çox çevik reaksiya verir. Amma biz özümüzə bu qiyməti verə bilmərik. Çünki biz belə qanunları yarım il qabaq qəbul etsəydik, bəlkə də o hadisələrin çoxu indi baş verməzdi.
İndi konkret suala keçirəm. Mən keçən dəfə bütün cərimələrin sərtləşdirilməsini istəmişdim, indi də bunların hamısını dəstəkləyirəm. Amma mənim bir başqa təklifim də var idi. Bakı şəhərində, ümumiyyətlə, respublikada köhnə, texniki baxımdan nasaz olan minlərcə sovet markalı maşınlar var. Bunlar ekoloji vəziyyəti ağırlaşdırır. Ona görə də bu məsələ ilə bağlı ayrıca bir maddə olmalıdır. Bütün dünyada texniki cəhətdən nasaz maşınlar küçələrdən yığışdırılır. Biz də buna getməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bununla tamamilə razıyam. Bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyində ekologiya polisi yaradılıb. Ekologiya polisi bu məsələ üzərində ciddi işləməlidir. Bunun üçün qanun layihəsi lazım deyil. Siyavuş Novruzov. Vaxtımız azdır, xahiş edirəm, fikirlərinizi qısa şəkildə ifadə edəsiniz.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Siz çox gözəl bir fikir irəli sürdünüz ki, bu məsələnin müzakirəsi büdcədən daha vacibdir. Doğrudan da, daha vacibdir. Biz hər gün televiziyanı açanda eşidirik ki, 13 nəfər, 15 nəfər, 17 nəfər həlak olub. Bunlar Azərbaycan vətəndaşlarıdır. Mən statistika aparmışam. Dağlıq Qarabağda döyüşlər gedəndə sakini çıxmaq şərti ilə bir ildə ölənlərin sayı avtomobil qəzasında ölənlərin sayından azdır. Bundan ciddi məsələ ola bilər?
Biz istəyirik ki, bu məsələ daha da sərtləşdirilsin. Biz vətəndaşlarımızın hüquqlarını və əlbəttə ki, qanun layihəsini müdafiə edirik. İstəyirik ki, kiminsə yadından çıxıbsa, məsələnin digər tərəflərini yada salaq, bəzi məsələləri əlavə edək. Biz insanların sağlamlığı ilə məşğul olmalıyıq. İlin 9 ayında min nəfər ölüb, 3 mindən artıq insan əlil olub. Bu hara gedir? Prezident məcbur olub bu məsələni qaldırdı. Milli Məclis niyə bunu müzakirə etməsin, niyə buna baxmasın, niyə buna qiymət verməsin və bunu daha da sərtləşdirməsin?
Mən Fazil Qəzənfəroğlunun fikri ilə razı deyiləm. Piyadalar haradan gəldi keçirlər. Baxırsan ki, keçidin üstündəki məhəccərdən tullanıb keçirlər. Buna sürücü nə etsin? Bunun hər tərəfini, təfərrüatını deməliyik ki, ictimaiyyət də dinləsin. İndi ictimai qınaqdan danışırlar. İctimai qınaqdırsa, mən bunu harada danışım? Mən hesab edirəm ki, lazım gəlsə, yarım saat da artıq işləyək ki, hər bir deputat bu qanun layihəsi barədə fikrini də desin. Mən fikirlərimi onunla əsaslandırıram ki, bu sərtləşdirilməlidir. Söhbət vətəndaşdan getmir, “sərxoş” sözündən gedir, qanunu pozan insandan gedir. Min, iki min manat cərimə olunsun ki, sonra maşını sürəndə içməsin. Bunu daha da sərtləşdirməliyik.
Hərə bir dənə “QAZel” alıb düşüb şəhərin canına. Şəhərin anasını ağlar qoyublar, harada gəlir saxlayırlar. Nizam-intizam olmalıdır, bunlar yığışdırılmalıdır. Küçələrdə bir dənə yol nişanı yoxdur. İnsanlar bilmir ki, burada maşın saxlamaq olar, yoxsa olmaz. Nişanı as, cəriməsini müəyyənləşdir. Hünəri varsa, gətirsin, orada maşın saxlasın. Dövlət idarəsi yox, bir müəssisə yox, sən burada maşını nəyə əsasən saxlayırsan? Bəzən görürsən ki, kimsə “bahalı” maşınını düz yolun ortasında saxlayıb, ya mağazaya girib, ya da harasa gedib. 50 dənə maşın ona görə əziyyət çəkir. Bəli, bunlar sərtləşməlidir ki, vətəndaşlar rahat şəkildə nəqliyyat vasitəsindən...
Sədrlik edən. Siyavuş müəllim, bu qanun layihəsi, doğrudan da, kifayət qədər sərtdir. Sən bunu hara qədər sərtləşdirəcəksən, onu bilmirəm. Ancaq bu məsələ ilə əlaqədar dövlət də, hökumət də işləyir. “QAZel” markalı maşınlarla bağlı dedikləriniz doğrudur. Onlar yavaş-yavaş şəhərdən yığışdırılacaq. Bilirsiniz ki, qanun layihəsi də hazırdır, müqavilə də bağlanıb, şəhərə böyük avtobuslar gətiriləcək.
Şəhərdə maşın dayanacaqlarına işarə qoyulsa, onda gərək insanlar maşınları arxalarında daşısınlar. Bunun üçün birinci növbədə şəhərdə dayanacaq məsələsini həll etmək lazımdır. Yeraltı dayanacaqlar tikilməlidir. Bəzi yerlərdə yaşayış binalarının əvəzinə 4 mərtəbəli dayanacaqların tikilməsi daha məqsədəuyğundur. Məsələni bu istiqamətdə qaldırmalıyıq. İndi soruşuram, bu məsələ ilə bağlı daha nə sərt qərar verə bilərik?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda müzakirəni davam etdirək. Cavid Qurbanov. Elə yollarda tıxacların yaranmasının daha çox günahı səndədir. Bu işləri vaxtında başa çatdırsaydın, belə tıxaclar da olmazdı. Buyurun.
C. Qurbanov. Oqtay müəllim, bu çox vacib bir qanun layihəsidir. Artıq bir söz demək istəmirəm. Sadəcə, qanuna iki-üç təklifim var. Yəqin, hamı mənimlə razılaşar, qəzaların çoxunun yaranmasının səbəblərindən biri də yolların qanunsuz olaraq qazılmasıdır. Kimin əlinə bel keçirsə, bu gün döşədiyim asfaltı sabah qazmağa başlayır. Hərəkət hissələrində, səkilərdə, mühafizə zolaqlarında qazıntılar aparılır. Təkliflərimi yazılı surətdə təqdim edəcəyəm.
Sədrlik edən. Onlar qanun layihəsində var.
C. Qurbanov. Mən baxmışam, 164-cü maddədə bunlar yoxdur. Aparılan qanunsuz qazıntılara görə sanksiyaları bura əlavə etmək lazımdır. Bir də burada prospektlər yazılıb, amma küçələr əlavə olunmayıb. Şəhərimizdə küçələrin adı indeksasiya ilə gedir. Ona görə onları əlavə etmək lazımdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, bu qanun layihəsi çox vaxtında müzakirəyə təqdim olunmuşdur. Burada onu daha sərtləşdirmək barədə fikirlər oldu. Əgər imkan olsa, bir daha sərtləşdirərik. Ancaq artıq sərtləşdirməyə yer yoxdur.
Bir xahiş də var. Bugünkü müzakirədə daxili işlər nazirinin müavini iştirak edir. Yaxşı olar ki, Dövlət Yol Polisinin müfəttişləri bəzi hallarda səlahiyyətlərindən sui-istifadə edib müəyyən sərhədləri keçməsinlər. Belə hallar çox olur. Deputatlar bu barədə mənə müraciət ediblər, belə məsələlər olub. O məsələni Daxili İşlər Nazirliyi daxildə həll etməlidir. Təkliflərinizi Əli müəllimə verin, o çatdırar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz etmirik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına görə 2004-cü ildən indiyədək Azərbaycanda 47 qəsəbə salınıb, 18 min ev tikilibdir. Bunların ümumi sahəsi 860 min kvadratmetrdir. 106 məktəb, 4 musiqi məktəbi, 45 uşaq bağçası, 12 xəstəxana tikilib, 620 kilometr su xətti, 480 kilometr yol, qaz, elektrik, telefon xətləri və sair çəkilibdir. Cəmi 49 min insan yerləşdirilibdir.
Bu iş Ağdam rayonunda da aparılır və yaxın vaxtlarda Ağdam rayonunda 12 qəsəbə salınıbdır. Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində beş, Nəmirli kənd inzibati dairəsində üç, Quzanlı qəsəbə inzibati ərazi dairəsində iki, Əhmədağalı kənd inzibati ərazi dairəsində bir və Xındırıstan kənd inzibati ərazisi dairəsində bir qəsəbə salınmışdır. Qanun layihəsində yeni yaranmış qəsəbələrə ad verilir, onlar müstəqil inzibati ərazi dairəsi kimi təsdiq edilir və dövlət reyestrinə daxil edilir. Xahiş edirəm, bu qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.44 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, biz iclasın əvvəlində dedik ki, PKK ilə əlaqədar bəyanatın hazırlanması üçün komissiya yaratmalıyıq. Nə təklifiniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif edirəm ki, bu komissiyanın rəhbəri hüquqşünas kimi, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov olsun. Biz komissiyanın üzvlərini də müəyyənləşdirməliyik. Bahar xanım Muradova, Pənah Hüseyn, Fəzail Ağamalı, Jalə Əliyeva, Baba Tağıyev. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif olunur ki, Fazil Qəzənfəroğlu, Aydın Mirzəzadə, Siyavuş Novruzov və Qənirə Paşayeva da komissiyanın tərkibinə seçilsinlər. Komissiyanın rəhbəri Ziyafət müəllimdir, başqa təklifləriniz olarsa, müraciət edə bilərsiniz. Komissiya yaradaq, bu məsələ ilə əlaqədar bəyanat hazırlayaq, münasibətimizi bildirək.
Bilirsiniz ki, Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti cənab Abdullah Gül Bakıda rəsmi səfərdədir. O arzu edib ki, Milli Məclisdə bizimlə görüş keçirsin və burada çıxış etsin. Sabah saat 10.30-da Prezident Abdullah Gül Milli Məclisə təşrif buyuracaq. Yəqin ki, millət vəkilləri qardaş Türkiyənin cümhurbaşqanını burada qəbul etməyə çox şad olarlar. Biz görüşə hazır olacağıq. Bugünkü iclasımız başa çatdı, çox sağ olun.