13.11.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 62
Mill Məclisin iclas salonu.
13 noyabr 2007-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Aydın Bəşirov, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Etibar Pirverdiyev, "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Ağa-Bala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
İsmayıl Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri.
Qurban Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri.
Vəli Nəcəfqulubəyov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi müdirinin müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Sabir İlyasov, “Azərbaycan Hava Yolları” Dövlət Konserni baş direktorunun birinci müavini.
Rafiq Aslanov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Zaur Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
Mirdaməd Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında.
3. Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında.
4. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
7. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
İclasda qəbul edilmişdir:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
* * *
Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılmışdır.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 noyabr 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri!
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 98
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası dövlətimizə və xalqımıza son dərəcə böyük uğurlar gətirmişdir. Son 3 ildə ümumi daxili məhsul 1,9 dəfə, dövlət büdcəsinin gəlirləri 2,8 dəfə, xərcləri 2,9 dəfə artmışdır.
Həyatımızın bütün sahələrində yüksəliş dövrü yaşanır. Xalqın rifah halı yüksəlir, iqtisadiyyatda, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə sürətli və müsbət dəyişikliklər həyata keçirilir. Bu il ümumi daxili məhsulun həcminin ötən ilə nisbətən 30,6 faiz artacağı gözlənilir. Hazırda dövlətimizin valyuta ehtiyatları 6,3 milyard dollardan çoxdur.
Gələn ilin inkişaf perspektivləri də çox ürəkaçandır. 2008-ci ildə dövlət büdcəsinin gəlirləri 7 milyard 382 milyon, xərcləri isə 8 milyard 509 milyon manatdan çox olacaqdır. Beləliklə, son 7 ildə dövlət büdcəsinin mədaxili 9,4 dəfə artacaqdır. Bunlar çox böyük nailiyyətlərdir. Bu nailiyyətlər göstərir ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələr içərisində öz layiqli yerini tutacaqdır.
Hörmətli millət vəkilləri, mən 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı ayrıca çıxış edəcəyəm, ona görə vaxtınızı çox almaq istəmirəm. Gəlin, iclasımızın gedişat qaydasını müəyyən eləyək. Mən təklif edirəm ki, müzakirəyə İqtisadi siyasət daimi komissiyası sədrinin çıxışı, eləcə də, maliyyə nazirinin, iqtisadi inkişaf nazirinin və Milli Bankın İdarə Heyəti sədrinin məruzələri və Hesablama Palatası sədrinin rəyi ilə başlayaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, müzakirəyə çıxarılan dövlət büdcəsi haqqında qanun layihəsi 2008-ci il üçün ali iqtisadi qanun layihəsidir. Strateji əhəmiyyətinə görə sənəd dövlətin və cəmiyyətin həyatının bütün istiqamətlərini əhatə edir. Mən inanıram ki, bizim millət vəkilləri sənədin səviyyəsinə uyğun olaraq öz fikirlərini ən vacib, ən ümdə məsələlər üzərində cəmləşdirəcəklər. Mən sizin hamınızı 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində fəal iştirak eləməyə dəvət edirəm. İnanıram ki, biz müzakirələri səmərəli şəkildə aparacağıq və dövlət büdcəsini yüksək səviyyədə qəbul edəcəyik. Çox sağ olun.
Hörmətli millət vəkilləri, İqtisadi siyasət daimi komissiyasının sədri cənab Ziyad Səmədzadəyə söz verilir. Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Oqtay müəllim haqlı olaraq qeyd etdi ki, dövlət büdcəsi haqqında qanun layihəsi ölkənin ən ali iqtisadi sənədidir və bu sənədin hazırlanması səviyyəsi bütövlükdə hər hansı ölkədə aparılan iqtisadi siyasətin mahiyyətini özündə əks etdirir, müəyyən edilmiş inkişaf strategiyasının reallaşmasında əsaslı rol oynayır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası artıq 4 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Prezident seçkilərindən keçən 4 il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyev son 4 ildə ölkənin sürətli inkişafını təmin etmək məqsədi ilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşməsini, real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsini, infrastruktur sahələrinin yenidən qurulmasını, iqtisadi inkişaf üçün əlverişli mühitin yaradılmasını, həyat səviyyəsinin müntəzəm olaraq yüksəldilməsini fundamental vəzifələr kimi müəyyənləşdirmiş, hökumətin, onun iqtisadi qurumlarının bu istiqamətdə fəaliyyətinin canlandırılmasını təmin edən fərman və sərəncamlar imzalamışdır. Bütün bunlar ölkənin maliyyə imkanlarını xeyli artırmış və 2008-ci ildə dövlət büdcəsinin əsas göstəricilərinin əvvəlki illərə nisbətən daha keyfiyyətli və miqyaslı olması üçün zəmin yaratmışdır.
Dövlət büdcəsinin hazırlanması prosesi çox mürəkkəb və çətindir. Onun istər gəlirlərinin, istərsə də xərclərinin müəyyən edilməsi ciddi əsaslandırmalar tələb edir. Ölkə rəhbəri dövlətin ali iqtisadi sənədinin, dövlət büdcəsinin hazırlanmasına ciddi yanaşmanın vacibliyini nəzərə alaraq demişdir: “Bəzi dövlət qurumları son anda təklifini verir və deyir ki, bu qədər vəsait lazımdır və onu heç cür əsaslandırmır. İndi bizim maddi imkanlarımız, büdcəmiz artır. Ancaq bu o demək deyil ki, qeyri-real sifarişlər verilsin, görüləcək işlərin xərci süni şəkildə artırılsın. Bizim maddi imkanlarımız, sadəcə olaraq, imkan verir ki, qarşıda duran bütün vəzifələr icra edilsin. Amma şişirtmələrə yol vermək olmaz. Burada əsassız iddialar olmamalıdır. Hər şey reallıq əsasında olmalıdır və görüləcək bütün işlər maksimum səmərə verməlidir”. Komissiyalar qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin bu prinsipial mövqeyi Nazirlər Kabineti tərəfindən əsas götürülmüş və 2008-ci ildə dövlət büdcəsinin hazırlanmasına bu da öz müsbət təsirini göstərmişdir.
Mən qısaca olaraq bəzi rəqəmləri sizin nəzərinizə çatdırmaq istərdim. Ümumi daxili məhsulun 2004-cü ilə nisbətən 2008-ci ildə 3,7 dəfə, adambaşına düşən məhsulun 4,3 dəfə artması bir daha göstərir ki, Azərbaycan yaxın vaxtlarda inkişaf etmiş ölkələr sırasına çıxacaqdır. Yəni 2008-ci ilin proqnozuna görə adambaşına düşən ümumi daxili məhsulun həcmi 4500 dollar təşkil edəcəkdir. İcmal büdcəsinin gəlirləri 10,4 milyard manat olacaqdır ki, bu da 2004-cü ilə nisbətən 4,7 dəfə çoxdur. Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, icmal büdcənin ümumi çəkisi 33,3 faiz təşkil edir.
Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, büdcə vasitəsi ilə ümumi daxili məhsulun nə qədər çox hissəsi bölüşdürülürsə, həmin ölkədə sosial-iqtisadi proqramların həyata keçməsi imkanları da genişlənir. İcmal büdcənin xərcləri 4,9 dəfə artacaqdır ki, bu da ən yüksək rəqəmlərdən biridir. Ümumiyyətlə, dövlət büdcəsinin gəlirləri, Oqtay müəllim bu barədə dedi, mən bir daha təkrar etmək istəyirəm ki, 2004-cü illə müqayisədə dövlət büdcəsinin gəlirləri 4,9 dəfə artacaqdır. Onun ümumi daxili məhsulda çəkisi isə 17,70 faizdən artaraq 23,5 faizə yüksələcəkdir. Adambaşına düşən büdcə xərcləri isə xeyli artacaqdır, 846 manat təşkil edəcəkdir.
Azərbaycan Respublikasında gedən iqtisadi yüksəliş və sahibkarlığın inkişafı vergi daxilolmalarının da sürətlə artmasını təmin etmişdir. Artıq neçə ildir ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergi daxilolmaları sabit xarakter daşıyır, mütləq mənada isə artmağa meyillidir. Bu gün vergi daxilolmaları büdcə gəlirlərinin 69–70 faizini təşkil edir ki, bu da inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq üçün real maliyyə mənbələri yaradır. Bu yaxınlarda biz Vergi Məcəlləsinə dəyişikliklər etdik. Orada vergi inzibatçılığının möhkəmləndirilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, bütövlükdə vergi intizamının möhkəmləndirilməsi ilə əlaqədar olaraq tədbirlər nəzərdə tutulur ki, bunlar da 2008-ci ilin dövlət büdcəsinə sabit daxilolmaların təmin edilməsinə şərait yaradacaqdır.
Yadınızdadırsa, bir il bundan qabaq Milli Məclisdə əlavə dəyər vergisi ilə əlaqədar Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulurdu. Məsləhətləşmələrdən sonra cənab Prezidentin tapşırığı ilə Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Vergilər Nazirliyi bu məsələyə baxdılar və bunun daha optimal həlli yolunu tapdılar. Bu gün də cənab Prezident tərəfindən təklif olunur ki, əlavə dəyər vergisi ilə bağlı nöqsanları və neqativ halları aradan qaldırmaq üçün xüsusi xəzinədar depozit hesabı yaradılsın. İnzibatçılığın möhkəmləndirilməsi nəticəsində əlavə dəyər vergisi hesabına büdcə gəlirlərinin xeyli artırılması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, vergi daxilolmaları üzrə artım 76 milyon manat təşkil edəcəkdir ki, bunun da xeyli hissəsi məhz bizim bir həftə bundan qabaq Vergi Məcəlləsində etdiyimiz dəyişikliklərlə əlaqədardır. Çox təəssüf ki, bəzi mətbuat səhifələrində bu məsələyə də qeyri-professional səviyyədə mənfi münasibət bəslənilir. Təəccüb doğuran odur ki, xarici qrantlar hesabına maliyyələşdirilən bəzi hesabatlarda bu təklifin guya məqbul olmaması qeyd edilir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında bu məsələ ciddi və ətraflı müzakirə olundu və biz elə hesab edirik ki, Milli Məclis tərəfindən Vergi Məcəlləsinə edilən dəyişikliklər, heç şübhəsiz, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, maliyyə mənbələrinin möhkəmlənməsi üçün böyük imkan yaradır. Təbii ki, komissiyaların iclasında Vergi Məcəlləsi ilə əlaqədar olaraq müəyyən təkliflər söylənildi. Bu təkliflər, doğrudan da, müzakirə üçün vacibdir. Bəziləri təklif etdilər ki, gələcəkdə vergi dərəcələrini azaltmaq, sadələşdirilmiş verginin imkanlarını genişləndirmək olar. Təbii ki, bütün bunlar dəyərli təkliflərdir. Vergilər Nazirliyinin rəhbərliyi də belə hesab edir ki, gələcəkdə bu təkliflərə baxmaq lazımdır, çünki hər bir dəyişmənin arxasında maliyyə tutumu olmalıdır. Əgər bu və ya digər vergi dərəcəsi azaldılırsa, əvəzinə digər maliyyə mənbələri tapılmalıdır.
Dövlət büdcəsi gəlirlərinin təmin edilməsində ən vacib yerlərdən birini gömrük sistemi tutur. Hazırda Azərbaycan Respublikası 133 ölkə ilə ticarət əməliyyatları aparır. Azərbaycanın idxal-ixrac strukturu təkmilləşir, onların həcmi artır. Eyni zamanda, gömrük sistemində də bir sıra problemlər var ki, onlar təkmilləşmələri tələb edir. Bu il gömrük orqanları üçün çox gərgin bir plan – 1,1 milyard manat artım nəzərdə tutulub. Təbii ki, bu, bütövlükdə Azərbaycanın iqtisadi inkişafı, idxal-ixrac əməliyyatlarının inkişafı ilə əlaqədardır. Bununla bərabər hökumət, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri haqlı olaraq belə hesab edirlər ki, vergidən, gömrükdən azadolmalar həddən artıq çoxdur. İdxal olunan malların 60 faizi gömrükdən azad olunur ki, bu da indiki şəraitdə həm bazar münasibətlərinə uyğun gəlmir, həm də bu istiqamətdə gəlirlərin artmasına mənfi təsir edir. Ona görə biz də təklif edirik ki, – yəqin, hökumət də bu fikri dəstəkləyəcək, – bu artımın təmin edilməsi üçün hökumət idxal mallarına tətbiq olunan gömrük və vergi rüsumları üzrə güzəştlərə yenidən baxmalı, azadolmaların ya ləğv olunması, ya da məhdudlaşdırılması ilə əlaqədar müvafiq qərarlar qəbul etməlidir.
Bütövlükdə Dövlət Gömrük Komitəsi üzrə büdcəyə daxil olan gəlirlər 15 faiz təşkil edir. Xüsusi çəki ildən-ilə azalmağa meyil edir. Lakin mütləq rəqəm hesabı ilə gömrük orqanları vasitəsi ilə büdcəyə daxilolmalar ildən-ilə artır. Dünya praktikasında elədir ki, ölkə inkişaf etdikcə büdcə gəlirlərində gömrük daxilolmalarının xüsusi çəkisi azalsa da, mütləq mənada artmağa meyil edir. Eyni zamanda, cənab Prezident tamamilə haqlı olaraq göstərmişdi ki, biz milli iqtisadiyyatımızı, yerli istehsalı genişləndirməliyik ki, bir sıra ərzaq məhsullarının, Azərbaycanda istehsalı mümkün olan bir sıra sahələrin inkişafını təmin edək, bununla da tədiyyə balansında olan müsbət meyilləri daha da gücləndirək və ölkənin idxal strukturunun təkmilləşdirilməsinə nail olaq.
Komissiyalarda birmənalı şəkildə qeyd olundu ki, iqtisadi inkişafla sosial inkişaf arasında tarazlığın gözlənilməsi məsələsinə dövlət və hökumət xüsusi diqqət verir. Ölkədə yoxsulluğun, işsizliyin aradan qaldırılmasında dövlət başçısının apardığı siyasətin müstəsna əhəmiyyəti qeyd olundu. Göstərildi ki, ölkənin inkişaf strategiyasının reallaşmasında məqsədli proqramlardan istifadə genişlənir. Onların maliyyə təminatı, icra mexanizmi təkmilləşir, iqtisadi-sosial inkişaf proqnozlarının elmi və metodoloji bazası möhkəmlənir. Mən əminəm ki, hörmətli maliyyə naziri, Milli Bankın İdarə Heyətinin sədri və digər çıxış edənlər bu fikri konkret faktlarla zənginləşdirəcəklər.
Həqiqətən, ölkə o vaxt inkişaf edir ki, onun sosial-iqtisadi həyatında strateji proqramlar mühüm rol oynayır. Məhz strateji proqramların məqsəd və vəzifələrinin düzgün müəyyən edilməsi, dəqiq icra mexanizminin və maliyyə təminatının olması, təbii ki, belə proqramların həyata keçirilməsində səmərəliyi artırır. Hamınız bilirsiniz ki, regionların inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması, informasiya texnologiyalarının daha geniş yayılması kimi strateji proqramlar artıq bu gün Azərbaycan cəmiyyətində sivil inkişaf münasibətlərinin əsası üçün vacib rol oynayır.
Eyni zamanda, qeyd etmək istərdim ki, real sektorun diversifikasiyası, daxili investisiya imkanlarının genişləndiyi şəraitdə müasir tipli istehsal müəssisələrinin yaradılması üçün görülən işlər barədə iqtisadi inkişaf naziri Heydər Babayevin komissiyaların iclasındakı məlumatı razılıqla qarşılandı. Maliyyə naziri, iqtisadi inkişaf naziri, eləcə də Milli Məclisin üzvləri qeyd etdilər ki, Azərbaycanın qarşıdakı dövrdə yüksək sürətlə inkişaf etmək imkanları çox böyükdür. Bu məqsədlə sahə proqnozlarındakı reallığı, qarşıdakı dövrdə rəqabət amilinin qat-qat güclənəcəyini daha əsaslı şəkildə nəzərə almaq lazımdır. Mən konkret faktları demək istəmirəm, bir sıra sahə proqnozlarında dəqiqlik yoxdur. Sahə proqnozları ilə ümumi inkişaf proqnozları arasında tarazlıq pozulur. Buna görə Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu məqsəddən – qeyri-neft sektorunun inkişaf imkanlarından bir sıra sahələrdə daha səmərəli istifadə edilməlidir. Bu, xüsusi ilə yaxın gələcəkdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması kimi fundamental bir məsələ ilə əlaqədar çox vacibdir.
Komissiyaların iclasında daha bir maraqlı məsələ xüsusi olaraq vurğulandı. Milli Məclisə təklif olundu ki, aqrar sektorun dayanıqlı inkişafında dövlət büdcəsinin rolunun artırılması çox vacibdir. Bu istiqamətdə mühüm işlər görülür. Eyni zamanda, kənd təsərrüfatı istehsalçılarını həvəsləndirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə dünyanın əksər ölkələrində özünü doğrultmuş dövlət sifarişi mexanizmindən istifadə etmək lazımdır. Təbii ki, bu, sadə məsələ deyildir. Bunun üçün də fikirləşmək lazımdır. Ərzaq təhlükəsizliyini, kənd təsərrüfatı istehsalçılarının marağını təmin etmək, kənddə urbanizasiya proseslərini təkmilləşdirmək üçün bu barədə fikirləşməyə dəyər. Mən hesab edirəm ki, həm Milli Məclisin, həm hökumətin üzvləri, həm də sahibkarlar bu barədə təkliflər verə bilərlər.
Hökumət tərəfindən təqdim olunan büdcə sənədlərində əhalinin pul gəlirləri, əmək haqqı, bankdakı əmanətlərinin artmasını xarakterizə edən göstəricilər verilmişdir ki, bunlar da komissiyalarda ətraflı təhlil edildi. 2008-ci ildə dövlət büdcəsinin sosial yönümlü xərcləri 2,8 milyard manat təşkil edəcəkdir ki, bu da 2007-ci ilin proqnozuna nisbətən 584 milyon manat çoxdur.
Bir sıra ekspertlər mətbuatda və digər hesabatlarda problemin mahiyyətinə varmadan göstərirlər ki, sosial xərclərin xüsusi çəkisi əvvəlki illərə nisbətən aşağı düşüb. Məsələyə bu baxımdan yanaşmaq səhvdir. Çünki sosial-iqtisadi proseslərin inkişaf meyilləri qeyri-obyektiv qiymətləndirilir. Bir faktı qeyd edim. 2002-ci ildə büdcənin sosial yönümlü xərcləri 587 milyon manat, onun büdcə xərclərində xüsusi çəkisi isə 63 faiz olub. Büdcənin həcmi isə 931 milyon manat idi. 2008-ci ildə dövlət büdcəsinin sosial yönümlü xərcləri 2,8 milyard manat, yəni 5 dəfədən çox artıb. Amma onun xüsusi çəkisi 32,8 faiz olmuşdur. Bir iqtisadçı kimi də, adi bir vətəndaş kimi də demək istəyirəm ki, bu və ya digər sahənin strukturda faizinin artıb-azalması ayrılıqda təhlil edilməməlidir. Bu, ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyası ilə, ümumiyyətlə, ölkənin inkişaf siyasəti ilə əlaqələndirilməlidir.
Komissiyaların birgə iclasında yaşayış minimumunun, ehtiyac meyarının məbləği barədə müxtəlif fikirlər səsləndi. Göstəricilərin hesablanması prosesində reallığın, o cümlədən inflyasiyanın obyektiv qiymətləndirilməsinin zəruriliyi vurğulandı.
Dünya təcrübəsi göstərir ki, hökumət pensiya və əmək haqlarını artırmaqla, infrastruktur layihələrini genişləndirməklə bütövlükdə inkişafı sürətləndirir, daxili alıcılıq qabiliyyətli tələbi artırır. Son illərdə respublikada dövlət xərclərinin düşünülmüş şəkildə artımı və ildən-ilə təkmilləşən strukturu iqtisadi fəallığın gücləndirilməsinin mühüm amillərindən birinə çevrilir.
Bəzən deyirlər ki, büdcə xərclərinin artımı iqtisadi artımı stimullaşdırmır. Bu, əsla düz deyil. Biz bu yaxınlarda bir hesabatda da bunu hiss etdik. Biznes üçün əlverişli və hamıya bərabər şərait yaradan infrastruktur birbaşa dövlət investisiyaları hesabına olduqda daha səmərəli olur. Problemin mahiyyəti investisiyaların həcmində deyil, dövlət qoyuluşlarının sahələrinin düşünülmüş seçilməsindədir. Yollar, kommunikasiyalar, informasiya texnologiyalarının istifadəyə verilməsinə olan qoyuluşlardır ki, bu baxımdan da respublikanın nəqliyyat və rabitə sektorunda baş verən dəyişikliklər diqqətəlayiqdir.
Prinsipial dəyişikliklərdən biri də ondan ibarətdir ki, büdcə xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi azalmağa meyil edir. Əlbəttə, bu, müsbət meyil olaraq ölkənin iqtisadi inkişafında büdcənin misilsiz rol oynadığı, gələcəyə hədəfləndiyini sübut edir. İstərdim ki, bəzi rəqəmləri sizin nəzərinizə çatdırım. “Büdcə sistemi” haqqında Qanuna görə büdcənin cari xərclərinə əmək haqqı, əmək haqqına üstəlik, pensiyalar və müavinətlər daxildir.
2000-ci ildə cari xərclər büdcə xərclərinin 92,8 faizini, – ağlasığmaz bir rəqəmdir, – təşkil edirdi. Onda büdcəmiz cəmi 695 milyon manat idi. 2008-ci ildə isə cari xərclərin xüsusi çəkisi 92,8 faizdən 56,6 faizə düşüb. Bu xərclər 4,8 milyard manat təşkil etmişdir. Mütləq rəqəmlə cari xərclər bu ilə nisbətən 2008-ci ildə 1,2 milyard artacaq, o cümlədən əmək haqqı və əmək haqqına üstəlik, pensiyalar üzrə yarım milyard manat olacaqdır. Komissiyalar cari xərclərlə əsaslı xərclər arasındakı nisbətin dəyişməsini müsbət qiymətləndirməklə bərabər, eyni zamanda, belə hesab edirlər ki, onların dinamikasında tarazlığın təmin edilməsinə də fikir verilməlidir.
Komissiyalarda bu fikir də vurğulandı ki, büdcənin hazırlanmasının normativ bazası ildən-ilə genişlənir, ancaq bu daha da təkmilləşməli, beynəlxalq standartlara uyğun normativlərə istinad edilməlidir. Eyni zamanda, qeyd edildi ki, müqayisəli təhlil, qabaqcıl dünya təcrübəsindən bəhrələnmək və maliyyə şəffaflığı istiqamətində görülən çox böyük işlər qarşıdakı dövrlərdə daha geniş vüsət almalıdır.
2008-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 27 faizini təşkil edəcəkdir. Mən bir daha qeyd etmək istəyirəm ki, bu, 35–40 faiz həddində olmalıdır, amma bunun üçün bizə vaxt lazımdır. Amma bu gün 27 faiz ümumi daxili məhsulun büdcə vasitəsi ilə bölüşdürülməsi, büdcə kəsirinin ümumi daxili məhsulda payının 27 faiz olması və bunun 2007-ci ilə nisbətən 10 faiz artması Azərbaycanda düşünülmüş dövlət siyasətinin aparılmasını və Azərbaycanda formalaşan maliyyə imkanlarının ölkənin sosial-iqtisadi inkişafına yönəlməsini sübut edir. Mən vaxtınızı çox almaq istəmirəm, çünki hörmətli Samir müəllim bu barədə sizə ətraflı materiallar verəcəkdir.
Büdcə xərclərinin tərkibində diqqəti cəlb edən məsələlərdən biri təhsil və səhiyyəyə ayrılan xərclərin miqdarının əvvəlki illərə nisbətən qat-qat artmasıdır. Qloballaşan dünyada o dövlət uğur qazanır ki, onun təhsilə, elmə, iqtisadiyyatın formalaşmasına ayrılan vəsaitləri ildən-ilə artır. Razılıq hissi ilə qeyd edilməlidir ki, 2004-cü illə müqayisədə 2008-ci ildə təhsilə ayrılan xərclər 3,3 dəfə artmışdır. 2008-ci ildə dövlət büdcəsindən yalnız təhsilə 1 milyard manata qədər vəsait artırılacaqdır. Təhsil sahəsində görülən işlər göz qabağındadır. Azərbaycanda təhsil yeniləşir, onun maddi-texniki bazası möhkəmlənir, təhsil sistemi informasiya texnologiyaları ilə təmin olunur. Eyni zamanda, Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti diqqətəlayiqdir.
Səhiyyə xərclərinin də büdcə xərclərinin tərkibində xüsusi çəkisi sabit qalsa da, ona ayrılan xərclər 4,5 dəfə artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Maaşlar, pensiyalar artmalıdır. Düzdür, indi Azərbaycanda minimum əmək haqqı və minimum pensiya təxminən 60 dollar, Azərbaycanda orta pensiya 70 dollar səviyyəsindədir. Bu, əvvəlki illərə nisbətən çox böyük irəliləyişdir. Ancaq hamımız bunu bilirik və etiraf etməliyik ki, bu, insanın gündəlik tələbatını ödəyə bilməz. İnsanın normal fəaliyyəti, yaşaması üçün bu, kifayət edə bilməz. Məhz buna görə də bu sahədə fəaliyyətimiz canlanmalıdır. Ona görə də sosial ödəmələr artacaqdır. Yəni bütün bu sosial yönümlü məsələlərdə biz geri çəkilməyəcəyik. Əksinə, növbəti illərdə maaşlar da qaldırılacaq, minimum əmək haqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əmək haqları qaldırılacaqdır”. Büdcə layihəsində bu barədə çox dərin, konkret materiallar var, yəqin ki, hörmətli Samir müəllim bu barədə danışacaq.
Dövlət başçısının bu prinsipial mövqeyi strateji əhəmiyyət kəsb edir. Azərbaycan həyat səviyyəsi və digər sosial göstəricilərə görə hələ Avropa ölkələrindən geri qalır. Ona görə də biz vacib sahələr üzrə xərcləri artırmalıyıq, çünki belə yanaşmanın güclü və obyektiv əsasları var. Azərbaycan yaxın illərdə adambaşına düşən ümumi daxili məhsulun göstəricisinə görə inkişaf etmiş ölkələr sırasına çıxacaqdır. Təbii ki, bu, digər əsas sosial göstəricilərin dinamikasında da özünü göstərəcəkdir. Büdcə sistemində belə bir istiqamət Azərbaycanın dayanıqlı, sabit inkişafı üçün real perspektivlər açacaq, iqtisadi inkişafla sosial inkişaf arasında tarazlığın təmin edilməsinə imkan yaradacaqdır.
Mən həm də dövlət büdcəsindən elmə ayrılan vəsaitlərə və elmin maliyyələşdirilməsi ilə əlaqədar məsələlərə toxunmaq istərdim. Biz dəfələrlə hörmətli Samir müəllimlə, Milli Elmlər Akademiyasının Prezidenti və digər alimlərlə bu barədə söhbət etmişik. Qloballaşan dünyada elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün ənənəvi maliyyə prinsiplərindən tədricən əl çəkmək lazımdır. Elə sahələr var ki, onların maliyyələşməsi birmənalı şəkildə həmin prinsiplər əsasında davam etdirilməlidir. Lakin elə sahələr var ki, onların gələcək inkişafı qloballaşan dünyanın tələblərinə uyğun olaraq məqsədli proqramlar şəklində həll olunmalıdır. Mən hesab edirəm ki, Azərbaycanın kifayət qədər güclü elmi potensialı var və biz bu istiqamətdə fəaliyyətimizi canlandırsaq, təkmilləşdirsək, strateji proqramlara üstünlük versək, təbii ki, daha məqsədəuyğun olar. Hörmətli akademik Abel Məhərrəmov dəfələrlə molekulyar biologiya ilə əlaqədar görülən işlərin Azərbaycanın gələcəyi üçün vacibliyi vurğulayıb. Hesab edirəm ki, bu istiqamətdə maliyyələşmə məsələləri barədə fikirləşə bilərik.
Dövlət büdcəsinin ən mühüm göstəricilərindən biri büdcə kəsiridir. İldən-ilə artan maliyyə imkanları bizə imkan verir ki, Azərbaycanın dövlət başçısının tapşırıqlarına əsasən çox düşünülmüş şəkildə dövlət büdcəsinin kəsirini müəyyən edək. Ümumiyyətlə, dövlət büdcəsinin kəsiri büdcənin fəaliyyətinin səmərəliyini xarakterizə edən ən mühüm göstəricilərdən biridir. Razılıq hissi ilə qeyd edilməlidir ki, 2008-ci ildə dövlət büdcəsinin kəsiri 3,5 faiz müəyyən edilmişdir. Bu, çox optimal göstəricidir. Maraqlı cəhət burasındadır ki, həmin kəsiri daxili imkanlar hesabına örtürük. Xaricdən borc almırıq, dövlətin borc yükünü artırmırıq.
Mən bu yaxınlarda bir hesabatla tanış oldum. Orada büdcə kəsirinin cəmi 3,5 faiz olması hökumətə irad tutulur. Guya bu, Avropa standartlarında aşağıdır. Millət vəkillərinin arasında çox dəyərli ziyalılar var. Gəlin, biz “beynəlxalq standart”, “Avropa standartları” ifadələrinə milli maraqlar baxımından baxaq. Avropa inkişaf etmiş ölkələrdən ibarətdir. Onlar uzun yol keçiblər və öhdəlik götürüblər ki, 3 faizdən çox olmasın. Azərbaycanın dinamik inkişaf etdiyi bir şəraitdə büdcə kəsirinin 3,5, hətta 4 faiz olması da qəbahət deyildir, çünki bu bizə imkan verir ki, Azərbaycanın sosial-iqtisadi problemlərini düzgün həll edək. Biz bunu nəyin hesabına edirik? Qısamüddətli dövlət istiqrazlarının, özəlləşdirmədən daxil olan mənbələrin və büdcə sistemi ilə bağlı qanunlarda edilən dəyişikliklərin hesabına. Yəni ilin axırında qalıqdan istifadə edirik. Təbii ki, illər keçdikcə proqnozlaşdırılan icra xərcləri ilə yerinə yetirilən icra xərcləri arasında o qədər fərq olmayacaq, qalıq mənbəyi o qədər çox artmayacaqdır.
Çıxışımın sonunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsi bütün daimi komissiyalarda geniş müzakirə olunub və çoxsaylı təkliflər verilir. Əminəm ki, hökumət strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən bu iclaslarda dəyərli fikirlər söylənilmişdir. Deyilən fikirlərin ana xətti ondan ibarətdir ki, 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ölkənin milli maraqlarına cavab verir və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi, ən başlıcası isə Azərbaycan xalqının daha yaxşı yaşayış tərzinə malik olması üçün möhkəm baza yaradır. Mən komissiyanın adından millət vəkillərindən xahiş edərdim ki, bu böyük sənədə öz müsbət münasibətlərini bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Maliyyə naziri hörmətli Samir Şərifova söz verilir. Buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2008-ci il dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdur. 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Milli Məclisin daimi komissiyalarında baxılmış və Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur. Hörmətli Sədr, Milli Məclisin bugünkü geniş iclasında büdcə layihələrinin müzakirəsində iştirak etmək, onları əsaslandırmaq və sual doğuran məsələlərə aydınlıq gətirmək üçün dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli millət vəkilləri, 2008-ci il dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 4 il ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri nəzərə alınmaqla tərtib edilmişdir. Müzakirənizə təqdim olunmuş 2008-ci ilin dövlət büdcəsi üçün müəyyən edilmiş büdcə-vergi siyasəti Azərbaycan Respublikasının ortamüddətli maliyyə siyasətinin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına, ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, regionların, sahibkarlığın inkişafını təmin edən proqramlara və digər dövlət proqramlarına uyğun olaraq hazırlanmışdır. Büdcə-vergi siyasəti 2008-ci il üçün proqnozlaşdırılan makroiqtisadi mühiti nəzərə almaqla dövlət büdcəsinə əlavə daxilolma mənbələrinin müəyyən edilməsi ilə yanaşı, büdcə xərclərinin prioritetləşdirilməsi, büdcə vəsaitlərinin maksimum səmərə ilə istifadə edilməsi, maliyyə intizamının və şəffaflığın təmin edilməsi hədəflərini özündə əks etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının bəhrələri yaşamaqdadır. Qarşımıza gələn 2008-ci il və sonrakı 3 il ən yüksək həcmdə əldə edəcəyimiz neft gəlirləri dövrü kimi proqnozlaşdırılır. Ölkədə makroiqtisadi sabitliyin saxlanılması, neft gəlirləri hesabına iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının təşviq olunması və dəstəklənməsi, regionların tarazlı şəkildə inkişafının təmin edilməsi, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi, yeni iş yerlərinin açılması ən başlıca vəzifələrimiz sırasındadır. Ortamüddətli dövrdə ölkə daxilində istehsalın genişləndirilməsinə, əlverişli investisiya mühitinin yaradılmasına, vergi güzəştlərinin minimuma endirilməsinə, vergi ödəyiciləri dairəsinin artırılmasına, cari xərclərin büdcədəki artım sürətinin iqtisadiyyatın qeyri-neft sektorundan daxilolmaların artım sürətindən çox olmasına nail olmaq mühüm vəzifələrdən biridir. 2008-ci il dövlət və icmal büdcə layihələrinin daha əhatəli olması üçün 2007-ci il dövlət büdcəsinin dəqiqləşdirilməsi və 2006-cı il dövlət büdcəsinin müzakirəsi zamanı hörmətli millət vəkillərinin ölkənin iqtisadi həyatı üçün əhəmiyyət kəsb edən təklif və tövsiyələri öyrənilmiş və onların bir çoxu nəzərə alınmışdır. Dövlət büdcəsinin gəlir və xərclərinin hüquqi bazasının daha da təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir neçə qanunvericilik aktlarına, o cümlədən “Büdcə sistemi haqqında”, “Dövlət rüsumu haqqında”, “Dövlət borcu haqqında” qanunlara, Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair və Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında, Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında, 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri hazırlanmış və büdcə zərfi ilə birlikdə sizin müzakirənizə təqdim edilmişdir.
Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin milli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqil Azərbaycan dövlətinin inkişaf konsepsiyasına söykənən ölkə iqtisadiyyatının inkişaf tempinin sürətləndirilməsi strategiyası özünü tam doğruldaraq son illər ərzində müsbət maliyyə və iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir. Qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilməkdə olan qətiyyətli qərarlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafında böyük nailiyyətlər qazanılmış, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, bir sıra ölkələrin on illiklər boyu keçdiyi inkişaf mərhələsini çox qısa zaman kəsiyində sürətlə ötən respublikamız bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avropaya inteqrasiya xəttinə milli və bəşəri dəyərlərə sadiqliyini sübut etmişdir. Azərbaycanın ümumi daxili məhsulun artım sürətinə görə dünyada öncül yerlərdə olması və digər makroiqtisadi göstəriciləri Prezident İlham Əliyevin siyasətinin yüksək səmərəliyini təsdiq edir. 2004-cü illə müqayisədə 2008-ci ilin proqnozunda ümumi daxili məhsul 3,7 dəfə, icmal büdcənin xərcləri 4,9 dəfə artacaqdır. Əhalinin pul gəlirləri 2,7 dəfə, adambaşına düşən ümumi daxili məhsul 3,5 dəfə, ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 3,1 dəfə, dövlət büdcəsindən əmək haqqına yönəldilən xərclər 3,6 dəfə, dövlət büdcəsində əsaslı vəsait qoyuluşuna yönəldilən xərclər 29 dəfə artmışdır. Bu müsbət irəliləyişlər dinamikası 2007-ci ilin ötən 9 ayında xüsusi ilə nəzərə çarpan olmuşdur. Belə ki, ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz, adambaşına düşən məhsul 25,6 faiz, orta aylıq əmək haqqı 28,2 faiz, əhalinin banklardakı əmanətləri 79 faiz, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 15 faiz, əhaliyə göstərilən ümumi xidmətlər 33,1 faiz artmışdır. 9 ayda əhalinin gəlirlərinin artımı 39,8 faizə çataraq 16 faiz səviyyəsində müşahidə olunan inflyasiyanı 2,5 dəfə üstələmişdir.
Ölkənin dövlət valyuta ehtiyatları 6,3 milyard ABŞ dollarını ötmüşdür. Dövlət büdcəsinin gəlirləri 4 milyard 384 milyon manat və ya 105 faiz, xərcləri 3 milyard 990 milyon manat və ya 91 faiz icra olunmuşdur ki, bu da ötən illə müqayisədə gəlirlər üzrə müvafiq olaraq 1 milyard 693 milyon manat və ya 62,9 faiz, xərclər üzrə isə 1 milyard 556 milyon manat və ya 63,9 faiz çoxdur. Xərclərin 35,7 faizi və ya 1 milyard 425 milyon manatı sosial yönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2006-cı ilin eyni dövrü ilə müqayisədə 521,6 milyon manat və ya 57,7 faiz çox olmuşdur.
Bütün bu iqtisadi uğurların təməlində, şübhəsiz ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik və hüquqi dövlət quruculuğu xəttinə xidmət edən siyasi və sosial-iqtisadi islahatlar və banisi olduğu neft strategiyası dayanır. Prezident İlham Əliyev tərəfindən yeni beynəlxalq və geosiyasi şəraitdə davam etdirilən və zənginləşdirilən bu strategiya Azərbaycanın bu gün davamlı və dayanaqlı inkişafını təmin edir və gələcəkdə də təmin edəcəkdir.
Cari ilin sonuna ümumi daxili məhsulun həcminin 25,4 milyon manata çatacağı gözlənilir ki, bu da 2006-cı ilə nisbətən 30,6 faiz real artım deməkdir.
İlin sonuna dövlət büdcəsinin gəlirlərinin tam xərclərinin 97 faiz ətrafında icra olunacağı gözlənilir. Bütövlükdə hesab edirik ki, 2007-ci ilin 12 ayı üzrə nəticələr kifayət qədər yüksək gözlənilməklə 2008-ci ildə iqtisadi inkişafın dinamik davamı üçün etibarlı bünövrə olacağına zəmin yaradır.
2008-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqnozunda ümumi daxili məhsul 31,5 milyard manat və ya 18,2 faiz çox, adambaşına düşən ümumi daxili məhsul 3,7 min manat və ya 22,3 faiz çox proqnozlaşdırılmışdır. 1 barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dolları həcmində proqnozlaşdırılmış, büdcə gəlirlərinin proqnozlaşdırılması məqsədləri üçün isə 50 ABŞ dolları səviyyəsində götürülmüşdür. Milli neft strategiyasının həyata keçirilməsinin nəticəsi olaraq 2008-ci ildə neft sektorunun 26 faizlik artımı gözlənilir. Qeyri-neft sektorunun növbəti ildə artımı 8,1 faiz səviyyəsində proqnozlaşdırılır.
Sürətli iqtisadi artım, artan neft daxilolmaları, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi və nəzərdə tutulmuş geniş miqyaslı investisiya proqramlarının həyata keçirilməsi və Amerika dollarının digər dönərli valyutalara qarşı rekord səviyyədə ucuzlaşmasını şərtləndirən qlobal inflyasiya meyilləri şəraitində 2008-ci ilin makroiqtisadi mənzərəsi il ərzində güclənən inflyasiya təzyiqləri ilə də müşayiət olunacaqdır. Bunları nəzərə alaraq növbəti ildə də ölkə iqtisadiyyatı qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün maliyyə dəstəyinin təmin edilməsi ilə yanaşı, dövlət və icmal büdcələrinin gəlir və xərclərinin formalaşması zamanı inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması diqqət mərkəzində olmuşdur.
2008-ci il dövlət büdcəsinin gəlir və xərclərinin istiqamətlərinin qısa xarakteristikasına nəzər yetirək. 2008-ci il dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorundan əldə edilən gəlirlərin xüsusi çəkisi yüksək qalmaqla 51,9 faiz, 2007-ci illə müqayisədə 4,1 faiz az götürülmüşdür. Milli neft strategiyasının uğurla həyata keçirilməsi kontekstində neft daxilolmalarının durmadan artımı məntiqi qəbul olunaraq 2008-ci il dövlət büdcəsi gəlirlərinin strukturunun tarazlaşdırılmasına, yəni qeyri-neft sektoru üzrə vergi yığımlarının artmasına mühüm əhəmiyyət verilmişdir. Gəlirlərin nəzərdə tutulan artımı ilk növbədə vasitəli vergilərin yığılmasında inzibatçılığın gücləndirilməsi və sadələşdirilmiş verginin təkmilləşdirilməsi hesabına olacaqdır. Əlavə dəyər vergisi sahəsində itkilərin aşağı salınması və vergidən yayınma hallarının qarşısı alınması məqsədi ilə bu vergi üzrə ödənişlərin xüsusi xəzinə hesabı vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi qayğının məntiqi nəticəsi kimi regionlarda iqtisadiyyatın nəzərəçarpacaq inkişafına nail olunmuş, vergi potensialı xeyli artmışdır. Məhz bu artım nəzərə alınmaqla Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonlarda vergi gəlirlərinin artım səviyyəsi dövlət büdcəsi gəlirlərinin orta artım səviyyəsindən xeyli yüksək proqnozlaşdırılmışdır.
2008-ci il üçün büdcə xərcləri ölkə Prezidenti tərəfindən həyata keçirilən sosial-iqtisadi kursun əsas prioritetlərini özündə əks etdirir. Bu prioritetlər iqtisadi, sosial islahatlara dəstəkdən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın təmin edilməsindən, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatından və həlli vacib sayılan digər tədbirlərdən ibarət olacaqdır.
Növbəti ilin büdcə layihəsində xərclərin proqramlar, konkret tədbirlər, adambaşına maliyyələşmə prinsipləri əsasında proqnozlaşdırılmasına, həmçinin ölkə Prezidentinin göstərişinə uyğun olaraq investisiya və eyni zamanda, sosial yönümlüyünə üstünlük verilmişdir. Sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əmək haqqının, pensiyaların baza hissəsinin minimum yaşayış həddinə yaxınlaşdırılması, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin artımının təmin edilməsi, dövlət qulluqçularının, müdafiə, hüquq mühafizə orqanlarının, dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrinin əmək haqqı sisteminin təkmilləşdirilməsi və artırılması qarşıya məqsəd kimi qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən müvafiq miqdarda dotasiyalar nəzərdə tutulmuşdur.
Təqdim olunmuş layihə üzrə növbəti ildə dövlət büdcəsinin gəlirləri 7 milyard 383 milyon manat, yəni bu ilin proqnozuna nisbətən 27,9 faiz və ya 1 milyard 612 milyon manat artımla proqnozlaşdırılmışdır. Bu o deməkdir ki, gəlirlər ümumi daxili məhsulun 23,5 faiz həcmində və yaxud 2007-ci ilin proqnozuna nisbətən 0,8 faiz çox olacaqdır.
Ölkə iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi hesabına növbəti il üçün dövlət büdcəsi daxilolmalarında əlavə dəyər vergisi üzrə 46,6 faiz, gömrük rüsumları üzrə 44,8 faiz, torpaq və əmlak vergisi üzrə 41 faiz, sadələşdirilmiş vergi üzrə 40 faiz, fiziki şəxslərdən gəlir vergisi üzrə 30,4 faiz, aksizlər üzrə 12,7 faiz artım nəzərdə tutulub. 2008-ci ildə vergilərin ümumi daxili məhsulda xüsusi çəkisinin 6,2 faizdən 6,9 faizə yüksəlməsi gözlənilir. Vergilər Nazirliyi üzrə 5 milyard manat və ya 2007-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 760 milyon manat və ya 17,9 faiz çox daxilolmalar nəzərdə tutulur. Onu da qeyd etmək yerinə düşər ki, 2007-ci ildən başlayaraq vergi yığımlarının neft və qeyri-neft sektoru üzrə proqnozlaşdırılması və uçotu həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə vergi yığımlarının məbləğinin 2 milyard 730 milyon manat və ya 2007-ci ilə nisbətən 3 faiz, qeyri-neft sektoru üzrə isə 2 milyard 270 milyon manat və ya 2007-ci ilə nisbətən 42,8 faiz (680 milyon manat) çox olması proqnozlaşdırılır.
Dövlət Gömrük Komitəsi üzrə 1 milyard 100 milyon manat proqnoz nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 42,9 faiz və ya 330 milyon manat çoxdur. Digər mənbələrdən 1 milyard 279 milyon manat vəsait daxil olacaqdır ki, bunun da 1 milyard 100 milyon manatını və ya 14,9 faizini Dövlət Neft Fondundan transfert, 1,7 faizini və ya 126 milyon manatını büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 53 milyon manatını və ya 0,7 faizini digər daxilolmalar təşkil edəcəkdir. 2008-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun gəlirləri 130 milyon manat nəzərdə tutulur ki, bu da 2007-ci ilə nisbətən 32,7 faiz və ya 32 milyon manat çoxdur.
2008-ci il dövlət büdcəsinin xərclərinin strukturu və əsas istiqamətləri. 2008-ci il dövlət büdcəsinin xərcləri 8 milyard 509 milyon manat proqnozlaşdırılır ki, bu da 2007-ci ilə nisbətən 2 milyard 194 milyon manat və ya 34,7 faiz çoxdur. Bu o deməkdir ki, dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 27 faizi həcmində və ya 2007-ci ilə nisbətən 2,2 faiz çox olacaqdır. Bütövlükdə xərclərin 55,6 faizini və ya 4 milyard 734 milyon manatını cari xərclər, 43,4 faizini və ya 3 milyard 691 milyon manatını əsaslı xərclər, 1 faizini və ya 84 milyon manatını kreditlərin qaytarılması və faiz ödənişləri ilə bağlı xərclər təşkil edəcəkdir.
Dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri 48,4 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 30,2 faiz, təhsil xərcləri 28,5 faiz, müdafiə xərcləri 25,4 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 21,5 faiz, sosial müdafiə və sosial təminat xərcləri 21,2 faiz, səhiyyə xərcləri 18,5 faiz, nəqliyyat və rabitə xərcləri 9,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 3,6 faiz artımla proqnozlaşdırılmışdır.
Əhalinin sosial müdafiəsi, çətin şəraitdə yaşayan soydaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması, sosial-mədəni sahələrin inkişafı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əsas prioritetləri sırasındadır. Qeyd edilən prioritetlər əsas götürülməklə növbəti ildə dövlət büdcəsi xərclərinin 32,8 faizinin və ya 2 milyard 800 milyon manatının sosial yönümlü xərclərə yönəldilməsi nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 584 milyon manat və ya 26, 5 faiz çox deməkdir. Sosial yönümlü xərclər özündə əmək haqlarını, pensiya və sosial müavinətləri, təqaüdləri, ərzaq və dərman xərclərini, əmək haqqı sisteminin təkmilləşdirilməsi və pensiya islahatlarının davam etdirilməsi ilə bağlı xərcləri və onlarla bağlı nəzərdə tutulmuş artımları birləşdirir.
Vəzifə maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üzrə minimum aylıq əmək haqlarının artımı, habelə əmək haqqı sisteminin təkmilləşdirilməsi üçün 261, 7 milyon manat vəsait ayrılmışdır ki, bu da büdcədən maliyyələşən təşkilatlarda işləyən 655 min nəfərə yaxın şəxsin maddi təminatının yaxşılaşdırılmasına imkan verəcəkdir.
Dövlət hesabına təhsil alan aspirantlara ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə aylıq təqaüdün artırılması üçün 4,3 milyon manat vəsait sərf ediləcəkdir. Könüllü olaraq, kənd yerlərinə işləməyə gedən müəllimlərə verilən kompensasiyaların məbləğinin artırılmasına 3,3 milyon manat, dövlət qulluğuna aid edilməyən 150-yə yaxın təşkilatlarda çalışanların əmək haqqının artırılmasına 2,4 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Növbəti il dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, müdafiə, hüquq mühafizə və digər sahələr üzrə məqsədli dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün 3 milyard 40 milyon manat vəsait ayrılmışdır. Bu, 2007-ci illə müqayisədə 992 milyon manat və ya 48,4 faiz çoxdur. Məqsədli proqramlar və tədbirlər üzrə xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 35,7 faizə çatmışdır ki, bu da 2007-ci illə müqayisədə 3,3 faiz çoxdur.
2008-ci ildə təhsilin inkişafı üzrə dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsi üçün 75,8 milyon manat və 2007-ci illə müqayisədə 27,9 milyon manat və ya 58,2 faiz çox, səhiyyə üzrə 50 milyon manat və 2007-ci illə müqayisədə 11,1 milyon manat və ya 28,6 faiz çox, elm sahəsi üzrə 9,4 milyon manat və 2007-ci illə müqayisədə 3,3 milyon manat və ya 53,8 faiz çox vəsait yönəldiləcəkdir. Bu siyahını davam etdirmək olardı, lakin vaxt məhdudiyyətini nəzərə alaraq bu qəbildən olan digər tədbirləri sadalamağa ehtiyac duymuram.
Əhalinin sosial müdafiəsi üzrə dövlət siyasətinin davamı olaraq, əmək pensiyalarının baza hissəsinin artımı üçün 140 milyon manat, ehtiyac meyarının təklif olunmuş artımı ilə əlaqədar ünvanlı dövlət sosial yardımın tətbiqi üçün 12,8 milyon manat, məcburi köçkünlərə verilən yemək xərcinin artımı üçün 9,5 milyon manat, sosial müavinətlərin artırılması üçün 27,8 milyon manat, əlillərin müalicəsi üçün 3 milyon manat vəsait yönəldiləcəkdir.
Ölkə Prezidentinin Azərbaycan teatrının, kino sənətinin, monumental heykəltəraşlığın, muzey işinin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncamların icrası üçün 16,6 milyon manat, “Azərbaycan Gəncliyi Dövlət Proqramının” icrası üçün 2,2 milyon manat vəsait ayrılmışdır. Beynəlxalq idman yarışlarında, ilk növbədə Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında ölkə idmanının yüksək səviyyədə təmsil olunması, həmçinin XIII Yay Paraolimpiada oyunlarında iştirakla bağlı xərclərin maliyyələşdirilməsinə 3,4 milyon manat vəsait sərf ediləcəkdir.
Ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi ilə ilk dəfə olaraq dövlət büdcəsində 1,5 milyon manat vəsait ayrılmışdır.
Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, ordu quruculuğu ilə bağlı ölkə başçısının məqsədyönlü siyasətinin məntiqi davamı olaraq 2008-ci ildə dövlət investisiya xərclərindən ayrılan vəsait və hərbi pensiya xərcləri nəzərə alınmadan müdafiə xərcləri 2007-ci ilə nisbətən 25,4 faiz və ya 206,8 milyon manat artırılaraq 1 milyard 20 milyon manata çatdırılmışdır. Torpaqların bir qismi işğal altında olan və müharibə şəraitində yaşayan bir ölkədə bu zərurətin nədən irəli gəldiyini geniş açıqlamağa ehtiyac yoxdur. Müdafiə və hüquq mühafizə orqanlarına aid edilən qurumların əmək haqqı sisteminin təkmilləşdirilməsi, hərbi qulluqçuların hərbi rütbəyə görə maaşlarının, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının artımı üçün 105,4 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Məhkəmə sisteminin müasirləşdirilməsi, hakim korpusunun genişləndirilməsi, yeni yaradılmış məhkəmələrin fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanlardan irəli gələn vəzifələrin icrası olaraq, səkkiz məhkəmənin, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Şəki şəhər apellyasiya məhkəmələrinin və üç yerli iqtisad məhkəmələrinin saxlanılması xərcləri üçün 6,5 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur.
Əsaslı xərclərin istiqamətləri. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilk növbədə 2008-ci ildə başa çatdırılması nəzərdə tutulan layihələrin, o cümlədən sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin yaradılmasına və yenidən qurulmasına, əsas vəsaitlərin alınmasına, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsi xərclərinə, bir sıra proqramlar üzrə nəzərdə tutulmuş əsaslı xərclərə və digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə veriləcək 1 milyard 100 milyon manat transfer də daxil edilməklə, bütövlükdə 2008-ci il dövlət büdcəsi çərçivəsində əsaslı xərclər üçün 3 milyard 691 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2007-ci illə müqayisədə 1 milyard 41 milyon manat və ya 39,3 faiz çoxdur. Əsaslı xərclərin birbaşa dövlət əsaslı vəsait qoyuluşuna yönəldilən hissəsi 2 milyard 841 milyon manat təşkil edir ki, bu da 2007-ci ilə nisbətən 926 milyon manat və ya 48,3 faiz çoxdur. Bu xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 2007-ci ilə nisbətən 4,9 faiz artaraq, 33,4 faiz olacaqdır.
Dövlət büdcəsi ilə yanaşı, Dövlət Neft Fondunun büdcəsindən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəməri xəttinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin, habelə “2005–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 571,1 milyon manat, xarici kreditlər hesabına bir sıra layihələrin maliyyələşdirilməsinə isə 506,4 milyon manat vəsait yönəldiləcəkdir.
Mənzil və kommunal təsərrüfatı xərclərinə növbəti il üçün 112,2 milyon manat və 2007-ci ilə nisbətən 19,9 milyon manat və ya 21,5 faiz çox, ekologiya, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 267,3 milyon manat, 2007-ci ilə nisbətən 9,4 milyon manat və 4 faiz çox vəsait ayrılmışdır. Bununla yanaşı, 2008-ci il dövlət büdcəsində kənd təsərrüfatı məhsul istehsalçılarına dövlət tərəfindən yardım göstərilməsi praktikası davam etdirilməklə bu məqsədə müvafiq olaraq 80 milyon manat, aqrolizinqin inkişafı üçün 40 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə, kənd təsərrüfatı kreditləri üzrə Dövlət agentliyi vasitəsi ilə mikrokreditlərin verilməsi üçün 500 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Rayon və şəhərlərdə yolların yenidən qurulması və abadlıq işlərinin aparılması məqsədi ilə büdcədə 242,6 milyon manat, o cümlədən abadlıq işlərində 66 milyon manat və 2007-ci ilə nisbətən 10 milyon manat və ya 18,4 faiz çox, avtomobil yolları məqsədli büdcə fondunun 130 milyon manat vəsaiti nəzərə alınmaqla, yolların yenidən qurulmasına və əsaslı təmirinə 176,6 milyon manat və 2007-ci illə müqayisədə 35,3 milyon manat və 26 faiz çox vəsait nəzərdə tutulmuşdur. Ayrılan vəsaitin 14 milyon manatı kənd və qəsəbələrin ərazisində yerləşən yollara və küçələrə xidmət və əsaslı təmir işlərinə yönəldiləcəkdir ki, bu da 2007-ci ilə nisbətən 35,7 faiz artım deməkdir.
Büdcə təşkilatları üzrə kommunal və kommunikasiya xərclərinin ödənilməsi üçün dövlət büdcəsi xərclərinin 2,8 faiz həcmində, mütləq ifadədə isə 236,5 milyon manat həcmində vəsait ayrılmışdır. Bakı metropoliteninin gediş haqqından əldə etdiyi gəlirlə onun fəaliyyət xərcləri arasında mövcud olan zərərin, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranan zərərin, Bakı şəhərində istilik təchizatı sisteminin yaxşılaşdırılması məqsədi ilə tələb olunan əlavə xərclərin örtülməsi üçün 2008-ci il dövlət büdcəsində 48 milyon manat ünvanlı subsidiyalar nəzərdə tutulur.
Son illərdə olduğu kimi, növbəti ildə də ölkədə sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsinə mühüm əhəmiyyət verilmişdir. 2008-ci il icmal büdcəsinə sahibkarlığın dəstəyi fonduna 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bununla Sahibkarlıq Milli Fondunun xətti ilə 2003-cü ildən başlayan, sahibkarlığa göstərilən maliyyə dəstəyinin həcmi 293 milyon manata çatdırılır.
Dövlət əmlakının özəlləşdirilməsi və özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi üçün 12,5 milyon manat vəsait nəzərdə tutulub.
2008-ci ildə ölkədə Prezident seçkilərinin keçirilməsi, seçki komissiyalarının fəaliyyətinin təmin edilməsi ilə bağlı 20,7 milyon manat vəsait ayrılır.
Ölkədə əhalinin demoqrafik xarakteristikası haqqında ətraflı məlumatların əldə olunması üçün 2009-cu ildə keçirilməsi nəzərdə tutulan əhalinin siyahıya alınmasına hazırlıq işləri üçün 1,5 milyon manat vəsait sərf olunacaqdır.
2008-ci ildən büdcə təşkilatlarının büdcədənkənar xərcləri 2007-ci ilə nisbətən 2,3 faiz çox və ya 126,1 milyon manat həcmində proqnozlaşdırılıb.
Dövlət borcunun idarə edilməsi və digər dövlət tədbirləri ilə bağlı xərclər. Dövlətin daxili və xarici borclarının idarə edilməsi 2008-ci ildə də diqqət mərkəzində saxlanılacaqdır. Azərbaycanda sosial və infrastruktur təyinatlı quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət şirkətləri tərəfindən həm ölkənin daxili ehtiyatları, həm də xaricdən, o cümlədən kreditorlara dövlət zəmanəti verilməsi şərti ilə aktiv şəkildə kreditlər cəlb edilir. Dövlət maraqları əsas götürülməklə cəlb edilən kreditlər üzrə kreditorlara dövlət zəmanətinin verilməsi praktikası növbəti ildə də davam etdiriləcəkdir.
Buna görə də zəmanət verilmiş borc öhdəliklərinin yerinə yetirilməsi risklərindən sığortalanmaq, qəbul edilmiş beynəlxalq maliyyə öhdəliklərinin şərtlərinə düzgün və vaxtında əməl etmək məqsədi ilə Milli Məclis tərəfindən qəbul edilmiş “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununda xüsusi büdcə hesabının, təminat hesabının açılması nəzərdə tutulmuşdur. Həmin hesabın məqsədli büdcə fonduna çevrilməsi üçün “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə təqdim olunmuş və müvafiq komissiyalarda baxılaraq, bəyənilmişdir.
Hörmətli millət vəkillərindən xahiş edərdim ki, həmin qanuna əlavə və dəyişikliklərin qəbul edilməsini sürətləndirməklə onların dövlət büdcəsi paketində əks etdirilməsi üçün bizə yardım göstərsinlər. Artan yekunla növbəti illərdə bu fonda, yəni məqsədli təminat fonduna toplanan vəsait uzun müddətə verilmiş dövlət zəmanəti üzrə borc öhdəliklərinin təmin edilməsinə, habelə həmin vəsaitlərin idarə olunması və son nəticədə dövlətin yeni bir etibarlı maliyyə ehtiyatının yaradılmasına imkan verəcəkdir.
2008-ci il dövlət büdcəsində dövlətin borclarının ödənilməsi və beynəlxalq təşkilatlara üzvlük haqqı xərci üçün 204,7 milyon manat nəzərdə tutulmuşdur. Bunun 174,1 milyon manatı xarici borclar üzrə, 9,6 milyon manatı beynəlxalq təşkilatlara üzvlük haqqı, 21 milyon manatı dövlətdaxili borcların ödənilməsi üçün nəzərdə tutulur.
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da güclənir, dünya birliyi çərçivəsində nüfuzlu söz sahibinə, bölgənin aparıcı dövlətinə, beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilir. 2008-ci ildə Azərbaycanın iştirakı ilə xaricdə və ölkəmizdə keçiriləcək bir sıra beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 3,2 milyon manat vəsait ayrılacaqdır. Ölkə maraqlarını xaricdə təmin etmək, xaricdəki diasporumuzu fəallaşdırmaq, xarici nüfuz dairələrində lobbimizi formalaşdırmaq Azərbaycan diplomatiyasının qarşısında ölkə başçısı tərəfindən qoyulan əsas vəzifələrdən biridir. Bunun məntiqi nəticəsidir ki, 2003-cü illə müqayisədə 2008-ci ildə ölkəmizin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin sayı artırılaraq, 26-dan 55-ə çatdırılmış, onlar üzrə nəzərdə tutulan xərclər isə 2,7 dəfə artırılaraq 2008-ci ildə 45 milyon manata çatdırılacaqdır.
Dövlət büdcəsinin yerli xərcləri. 2008-ci ildə dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclər 904,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2007-ci ilə nisbətən 23,4 faiz və 171,5 milyon manat çoxdur. Şəhər və ya rayonların yerli xərclərinin 75,7 faizinin mərkəzləşdirilmiş xərclərdən verilən vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da 2007-ci ilə nisbətən 18 faiz və ya 100 milyon manat çox olacaqdır. Yerli xərclərdə prioritet olaraq, əmək haqqının artımı, əhalinin sağlamlığının daha da yaxşılaşdırılması, sosial müəssisələrin cari və əsaslı təmiri, yolların tikintisi və təmiri, abadlıq işlərinin genişləndirilməsi xərcləri əsas götürülmüşdür.
Dövlət büdcəsinin kəsiri. 2008-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1 milyard 126 milyon manat və ümumi daxili məhsulun 3,6 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. Büdcə kəsirinin örtülməsi özəlləşdirmədən, dövlət istiqrazlarının ölkə daxilində və xaricində yerləşdirilməsindən əldə ediləcək daxilolmaların, habelə ilin sonuna vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilməsi nəzərdə tutulub.
İcmal büdcənin göstəriciləri. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət büdcəsini, Naxçıvan Muxtar Respublikasının büdcəsini, Dövlət Neft Fondunun büdcəsini, Dövlət Sosial Müdafiə Fondunun büdcəsini və xaricdən ölkə iqtisadiyyatına cəlb edilən kreditləri özündə birləşdirən icmal büdcənin bəzi parametrləri növbəti ilin dövlət büdcəsi haqqında qanunla təsdiq olunmalıdır. Ona görə də icazə verin, sizi icmal büdcənin bəzi göstəriciləri ilə tanış edim.
Azərbaycan Respublikasının 2008-ci il icmal büdcəsi 306 milyon manat proqnozlaşdırılmaqla gəlirləri 10 milyard 488 milyon manat və 2007-ci ilə nisbətən 39,3 faiz, xərcləri isə 10 milyard 182 milyon manat və 2007-ci ilə nisbətən 27,7 faiz çox olacaqdır. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 215,7 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2007-ci illə müqayisədə 27 faiz çoxdur. Xərclərin 10,8 faizi Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 89,2 faizi isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına təmin ediləcəkdir.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 1 milyard 267 milyon manat və 2007-ci ilə nisbətən 28,1 faiz çox proqnozlaşdırılır. Xərclərin 27,6 faizi və ya 350 milyon manatı dövlət büdcəsinə verilən transfert, 917 milyon manatı və 72,4 faizi fondun öz gəlirləri hesabına təmin olunacaqdır. Fondun öz gəlirlərinin 345 milyon manatı və ya 37,6 faizi büdcə təşkilatlarından sosial ayırmalar hesabına təmin olunacaqdır.
2008-ci ildə Dövlət Neft Fondunun büdcəsinin xərcləri 1 milyard 671 milyon manat və 2007-ci ilə nisbətən 50,8 faiz çox proqnozlaşdırılır.
2008-ci il icmal büdcənin xərclərində xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər 506,4 milyon manat təşkil edəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin strateji kursu ölkəmizin daha da möhkəmləndirilməsindən, işğal olunmuş torpaqlarımızın qaytarılması və onlar üzərində suverenliyimizin bərpa edilməsindən, xalqın maddi rifah halını, güzəranını daha da yaxşılaşdırmaqdan, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdan, qlobal enerji və nəqliyyat kommunikasiya layihələrini uğurla reallaşdırmaqdan, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırmaqdan, neft strategiyasını milli maraqlarımıza uyğun davam etdirərək, qeyri-neft sektorunun, regionlarımızın inkişafını təmin etməkdən ibarətdir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyev fəaliyyətinin 4 ili ərzində bu strateji vəzifələri uğurla yerinə yetirmiş, ölkəmizin hərbi, maliyyə, iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun köklü şəkildə artırılması, əhalinin maddi rifahının yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması, tarixi və mədəni irsimizin qorunması, bədən tərbiyəsi və idmanının inkişaf etdirilməsi istiqamətində müstəqil Azərbaycan dövlətinin yeni tarixində müstəsna yerə layiq töhfələr vermişdir. Bunları nəzərə alaraq, sizi, hörmətli millət vəkillərini Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş 2008-ci il üzrə dövlət və icmal büdcə layihələrinin və sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini bəyənərək qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. İqtisadi inkişaf naziri cənab Heydər Babayevə söz verilir.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illərdə olduğu kimi, cari ilin göstəriciləri də təsdiq edir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizdə yeni bəşəri və milli dəyərlərin daşıyıcısı olan cəmiyyəti formalaşdıran iqtisadi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
İqtisadi islahatların həyata keçirildiyi dövrdə dövlətin iqtisadi əsasları möhkəmlənmiş, özünün inkişaf qabiliyyəti formalaşmışdır ki, bu da ölkənin dinamik sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması üçün irimiqyaslı proqramların və digər iqtisadi siyasət tədbirləri həyata keçirmək üçün geniş imkanlar yaratmışdır.
Bildiyiniz kimi, son hesabat ili – 2006-cı il sosial-iqtisadi inkişaf baxımından uğurlu olmuşdur. Ümumi daxili məhsul 34,5 faiz artmış, onun adambaşına düşən həcmi 2 414 ABŞ dolları təşkil etmişdir.
2006-cı ildə sosial-iqtisadi inkişafın əsas təkanverici amillərindən olan investisiyalar 8,1 faiz artmış və müxtəlif mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,2 milyard manat vəsait yönəldilmişdir. Ümumiyyətlə, 2000-ci ildən bəri əsas kapitala 26 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Qeyd olunanlar və aparılan müvafiq sosial-iqtisadi siyasətə uyğun olaraq, əhalinin gəlirləri yüksəlmiş, xidmətlərin həcmi və keyfiyyəti artırılmış, yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2006-cı ildə 20,8 faizə enmişdir.
Hörmətli millət vəkilləri! Cari ildə iqtisadiyyatın makroiqtisadi, eyni zamanda, sahəvi və regional baxımdan tarazlı inkişafını təmin etmək, qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılması və iqtisadiyyatın təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülməkdədir. 2007-ci ilin 9 ayında da iqtisadi artım davam etmiş, ötən ilin müvafiq dövrünə nisbətən ümumi daxili məhsul 27,1 faiz, ümumi daxili məhsulun adambaşına düşən həcmi isə 25,6 faiz artmışdır. Dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63 faiz, xərcləri isə 64 faiz artmışdır.
Bu ilin 9 ayında iqtisadiyyatın və sosial sahələrin inkişafında bütün maliyyə mənbələri hesabına 4,5 milyard manat və keçən ildəkindən 15,1 faiz çox əsas kapitala investisiya yönəldilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı və emal sənayesi sahələrində investisiya qoyuluşunun həcmi isə müvafiq olaraq 4,9 və 2,2 dəfə artmışdır ki, bu da uzunmüddətli məqsədlərə nail olmaq üçün çox əhəmiyyətli meyildir.
Aparılan investisiya siyasəti birbaşa cənab Prezidentin seçkiqabağı sosial-iqtisadi inkişaf hədəflərindən biri olan 5 il ərzində 600 min yeni iş yerinin yaradılmasına təminat olmuşdur. Bununla əlaqədar qeyri-neft sektorunda məşğulluğun artırılması istiqamətində, hər il olduğu kimi, cari ildə də emal sənayesi, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində yeni müasir müəssisələr açılmaqdadır.
Ötən illərdə olduğu kimi, cari ildə də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ölkə başçısının fərman və sərəncamlarına dövlət proqramlarına uyğun olaraq, fondun Müşahidə Şurası tərəfindən sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm və kütləvi informasiya vasitələri sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin maliyyələşdirilməsinə yönəldilir. Maliyyələşdirilmiş layihələrin 73 faizi respublikanın regionlarının payına düşür. Verilmiş vəsaitin 90 faizindən çoxu istehsal və emal yönümlüdür. 10600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Sahibkarlığın inkişafına təkan kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarların bazara girişinin daha da asanlaşdırılması üçün “bir pəncərə” sisteminin tətbiqi nəzərdə tutulmuş və 2008-ci il
1 yanvar tarixindən etibarən həyata keçiriləcəkdir. Sərəncama əsasən vahid qeydiyyat orqanı kimi Vergilər Nazirliyi müəyyən edilmişdir.
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində 178 ölkənin yer aldığı Dünya Bankının 2007-ci il üçün hesabatında Azərbaycan 6 pillə irəliləmişdir. Ümumən, möhtərəm Prezidentimiz İlham Əliyevin bu vəzifəyə seçilməsindən sonra onun tərəfindən aparılan səmərəli iqtisadi siyasətin nəticəsində 2003-cü ildən başlayaraq cari il oktyabr ayının 1-nə qədər ölkədə 610 mindən artıq iş yeri yaradılmışdır.
Hörmətli millət vəkilləri! Ölkə iqtisadiyyatının diferensiasiyasının təmin edilməsi məqsədi ilə yaradılmış İnvestisiya Şirkəti qeyri-neft sektoruna birbaşa sərmayə qoyuluşu və birgə layihələr istiqamətində real addımlar atmışdır. Belə ki, həmin layihələr arasında Göyçay rayonunda ”İmpro” Şirkəti və süd məhsullarının istehsalı, Dəvəçidə “Dəvəçi Broyler” Şirkəti və quşçuluq təsərrüfatı, Qaradağ rayonunda İsveçrənin Holdinq Şirkəti ilə sement istehsalı, Ələt qəsəbəsində “Qafqaztransservis” və “Astan” sənaye şirkətləri ilə beynəlxalq yükdaşımalar və anbarların tikintisi sahəsində iki layihə, Masazır gölündə “Azərsu Holdinq”lə duz istehsalı, Cənubi Koreyanın “Kepko” Şirkəti ilə müstəqil enerji stansiyası, Ələt qəsəbəsində Cənubi Koreyanın “İstenks” Şirkəti ilə gəmiqayırma zavodu və sair layihələr var. Bu sahələrdə iştirak barədə qərar artıq verilib və verilmək ərəfəsindədir, layihələrin hər birinin həcmi isə bir neçə milyon manata qədər müəyyən olunub.
Təbii ki, nəticə etibarı ilə bütün görülən işlərin başlıca məqsədi vətəndaşlarımızı layiqli həyat səviyyəsi ilə təmin etməkdən ibarətdir. Ötən müddət ərzində cənab Prezidentimizin sərəncamları ilə əhalinin müxtəlif kateqoriyalarının əmək haqqı, pensiya və müavinətləri artırılmış, sosial obyektlərin tikintisi sürətləndirilmişdir. Ümumiyyətlə, 9 ay ərzində əhalinin hər bir nəfərinə düşən pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz artmışdır. Ümumiləşdirərək qeyd etmək istərdim ki, biz ilin sonuna gözlənilən nəticələrə nikbin baxırıq və belə ki, 2007-ci ildə ümumi daxili məhsulun real artım tempi təxminən 30 faiz olacaq, adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 3500 ABŞ dollarını keçəcək.
Hörmətli millət vəkilləri! “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər il icmal və dövlət büdcələrinin tərtibi üçün növbəti və gələn üç il üçün ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyası və əsas makroiqtisadi göstəricilərin proqnozu hazırlanmış və büdcə zərfində diqqətinizə təqdim edilmişdir.
İlk öncə qeyd etmək istərdim ki, cənab Prezidentin müəyyən etdiyi siyasətə uyğun olaraq, 2008–2011-ci illər üzrə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf konsepsiyasında ali məqsəd kimi azad rəqabət və səmərəlilik prinsiplərinə əsaslanan resursların nəzarətli bölgüsünü təmin edən bazar iqtisadiyyatının tam formalaşdırılması yolu ilə qanuni inkişafa və Azərbaycan xalqının layiqli həyat səviyyəsinə nail olunması müəyyən edilmişdir. Bu məqsədə çatmaq üçün davamlı və tarazlı iqtisadi inkişafın, əhalinin layiqli həyat səviyyəsinin, dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşdirilməsinin, ekoloji təhlükəsizliyin təmin olunması kimi vəzifələr müəyyənləşdirilmişdir. İqtisadiyyatın elə bir strukturu formalaşacaq ki, istehsal və xidmət sahələrinin, eləcə də neft və qeyri-neft sektorlarının mümkün olan optimal nisbəti müəyyənləşdiriləcək, işçi qüvvəsinin və kapitalın sahələrarası sərbəst dövriyyəsi təmin ediləcəkdir.
Ən müasir texnologiyaların tətbiqi əsasında qeyri-neft sektorunun tarazlı inkişafına və onun ixrac potensialının reallaşmasına nail olunacaqdır. Xidmət sektoru iqtisadiyyatın aparıcı sahəsi olmaqla, ümumi daxili məhsulun istehsalında və əhalinin məşğulluğunda aparıcı yerləri tutacaqdır. Yoxsulluq səviyyəsinin azaldılması, gəlirlərin bölgüsündə ədalət prinsipini təmin edən səmərəli mexanizmin yaradılması məqsədi ilə müvafiq tədbirlər görüləcəkdir.
Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması üçün müvafiq iqtisadi şəraitin təmin edilməsi, işsiz vətəndaşların və qeyri-məşğul əhalinin peşə hazırlığı, yenidən hazırlıq və ixtisaslarının artırılmasını təşkil etməklə, işəgötürənlərin tələbatının və əmək bazarının təkliflərinin tarazlaşdırılması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilmişdir.
Ölkənin geosiyasi vəziyyətini nəzərə alaraq hərtərəfli iqtisadi və sosial-iqtisadi inkişafın təmin olunması üçün Azərbaycan Respublikasının beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlığı daha da genişləndiriləcək, bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətləndiriləcəkdir.
İndiki və gələcək nəsillərin maraqlarını qoruyan ölkədə iqtisadi və insan resurslarından istifadənin davamlığını təmin edən ekoloji siyasət həyata keçiriləcəkdir. Burada əsas istiqamət ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi, milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi olacaqdır. Qeyd olunanlar 2008–2011-ci illər üzrə Azərbaycan Respublikasının əsas makroiqtisadi göstəriciləri proqnozlarının tərtibində nəzərə alınmışdır.
Neft sektorunda yaranan əlavə dəyərin proqnozları hazırlanarkən bir barel xam neftin ixrac qiyməti cari ilin sonuna gözlənilən 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Proqnozlara əsasən son illərdə müşahidə olunan yüksək iqtisadi artım tempinin 2008-ci ildə də təmin ediləcəyi şübhə doğurmur. Ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyası ilə nəzərdə tutulmuş sosial-iqtisadi siyasət tədbirlərinin həyata keçirilməsi nəticəsində 2008-ci ildə ümumi daxili məhsul istehsalının 31,5 milyard manat, real artım tempinin isə 18,2 faiz təşkil edəcəyi proqnozlaşdırılmışdır. Neft sektorunda 26,1 faiz, qeyri-neft sektorunda isə 8,1 faiz artım olacağı gözlənilir.
Hörmətli millət vəkilləri! Dünyada gedən qloballaşma proseslərinin sürətləndirilməsi, ölkəmizin beynəlxalq məkana inteqrasiyasının dərinləşdirilməsi Azərbaycan kimi kiçik ölkənin açıq iqtisadiyyatların, bu proseslərin müsbət təsirləri ilə yanaşı, mənfi təsirlərinə də məruz qalmasına səbəb olur.
Mən ruh yüksəkliyi ilə bildirirəm ki, ulu öndər Heydər Əliyevin tutduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən düzgün iqtisadi kursun nəticəsində Azərbaycan digər ölkələrdən, o cümlədən Rusiya və Qazaxıstandan fərqli olaraq 1998–1999-cu illərdəki və cari ilin maliyyə böhranlarından qoruna bilmişdir.
Son illərdə neftin qiymətinin artması nəticəsində istehsal xərcləri artmış, bu isə öz növbəsində dünya bazarında qeyri-neft mallarının qiymətlərinin kəskin artmasına səbəb olmuşdur. Dünya Bankının icmalına əsasən 2005–2006-cı illərdə bu artım müvafiq olaraq 13,4 və 24,7 faiz təşkil etmişdir. Eyni dövrdə dünya ölkələrində inflyasiya göstəriciləri artmışdır. Bu proseslər ölkəmizdəki qiymətlərin ümumi səviyyəsinə təsirsiz qalmamış, xaricdən idxal olunan inflyasiya təzyiqləri artmışdır. Eyni zamanda, ölkə daxilində də inflyasiya səviyyəsində olan obyektiv proseslər baş verməkdədir. Azərbaycanda son illərdə yüksək iqtisadi artım templəri və bu prosesə xas olan inflyasiya meyilləri də iqtisadiyyatımıza təsir etməkdədir.
Ölkəyə irihəcmli xarici valyuta axınları daxil olmaqla, manatın kütləsinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradır. 2008-ci il inflyasiya səviyyəsi idxal mallarının bahalaşmasının təsiri nəzərə alınmaqla 12 faiz radələrində gözlənilir. Buna baxmayaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin güclənməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanına uyğun olaraq istehlak bazarında qiymətlərin artmasına təsir göstərən inhisarçılığa, rəqabətin məhdudlaşdırılmasına, bazarların bölüşdürülməsinə, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarına qarşı investisiya proqramları çərçivəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsi və büdcədən ayrılan digər vəsaitlərin səmərəli istifadə olunması üzərində nəzarət gücləndirilmişdir.
Növbəti ildə yeni tədbirlər planının həyata keçiriləcəyi nəzərdə tutulur. Biz ümidvarıq ki, bunun nəticəsində inflyasiya daha aşağı səviyyəyə endiriləcək və daha yüksək, real iqtisadi artıma nail olunacaq. Sonrakı 3 il müddətində bu göstəricilərin ildən-ilə azalaraq birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Makroiqtisadi sabitliyin inflyasiyaya təzyiqinin azaldılması məqsədi ilə 2008-ci ildə dövlət büdcəsinin xərclərinin artım tempi əvvəlki ilə nisbətən 1,9 dəfə aşağı planlaşdırılmış, artan neft gəlirlərinin böyük hissəsi Dövlət Neft Fondu vasitəsi ilə sterilizasiyası, qeyri-neft gəlirlərinin vergi dərəcələri artırılmadan 2007-ci ilin gözlənilən nəticələri ilə müqayisədə 2,8 faiz artması proqnozlaşdırılmışdır.
2008-ci ildə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 6,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,4 milyard manat olacağı proqnozlaşdırılır. Dövlətin ortamüddətli investisiya siyasəti də “Dövlət İnvestisiya Proqramı”nın prioritet istiqamətlərində öz əksini tapmışdır. Bu proqram əvvəlki illərdə qəbul olunmuş milli və ayrı-ayrı sahəvi dövlət proqramlarının tədbirləri ilə uzlaşdırılmaqla, həmin sənədlərdə müəyyən edilmiş məqsədlərə nail olunmasına xidmət edir.
Növbəti illərdə dövlət investisiya siyasəti ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq aşağıdakı prioritetlərin həyata keçirilməsinə yönəldiləcək: infrastruktur sahələrinin inkişafı və onların obyektlərinin davamlı istismarının təmin edilməsi; regionların tarazlı inkişafının təmin edilməsi; insan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi.
Proqramda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün kompleks tədbirlər planı”, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı”, “Respublika ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni məktəblərin tikintisi üzrə Dövlət Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş investisiya layihələri öz əksini tapmışdır.
2008–2011-ci illəri əhatə edən ortamüddətli investisiya proqramı üzrə xərclərin ümumi məbləğinin 15,5 milyard manat olması planlaşdırılır ki, həmin məbləğdən də 12,3 milyard manat, yəni 79,3 faiz daxili, 3,2 milyard manat – 20,7 faiz isə xarici mənbələrdən maliyyələşdiriləcəkdir. Proqram ilində, növbəti illərdə maliyyələşdirmədə daxili mənbələrin payının artacağı, xarici mənbələrin payının azalacağı gözlənilir. Növbəti ildə dövlət büdcəsində investisiya xərcləri üçün 2,8 milyard manat nəzərdə tutulmuşdur ki, bunun da 1,1 milyard manatı Dövlət Neft Fonduna ayrılan transfertlər hesabına maliyyələşdiriləcək. Dövlət investisiya proqramına daxil ediləcək investisiya layihələrinin əsasını infrastruktur və sosial yönümlü layihələr təşkil edir.
İcmal büdcədə nəzərdə tutulan vəsaitlər və kreditlər hesabına infrastruktur layihələrə 2008-ci ildə 2,6 milyard manat və ya ümumi məbləğin 65 faizinin ayrılması nəzərdə tutulub. Nəqliyyat sektoruna 934,3 milyon manat, kommunal infrastruktur layihələrə 614,4 milyon manat, su ehtiyatları və irriqasiya layihələrinə 296 milyon manat, energetika və sənaye strukturuna 712,2 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur.
2008-ci ildə Azərbaycanda ilk sənaye şəhərciyi yaradılacaq, məişət tullantıları emalı zavodunun tikintisinə başlanılacaq, sənayedə gücü 300 meqavat olan elektrik stansiyasının inşası başa çatdırılacaq. Gücü 400 meqavolt olan Şimal-2 buxar-qaz qurğusunun inşası davam etdiriləcəkdir. Azərbaycan istilik enerji stansiyasının bloklarının yenidən qurulması həyata keçiriləcəkdir. Cənub, Şimal, Şərq, Qərb tranzit dənizləri istiqamətində magistral avtomobil və dəmir yollarının yenidən qurulmasının maliyyələşdirilməsi davam etdiriləcəkdir. Bakı şəhərinin və respublikanın regionlarının su təchizatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması və regionların intensiv surətdə qazlaşdırılması həyata keçiriləcəkdir. Oğuz–Qəbələ–Bakı su xəttinin tikintisi başa çatdırılacaqdır. Samur–Abşeron kanalının tikintisi davam etdiriləcəkdir.
Sosial yönümlü layihələrə 819,12 milyon və ya ümumi məbləğin 20,3 faizinin ayrılması nəzərdə tutulur. Respublikanın rayon və şəhərlərində yeni ümumtəhsil məktəblərinin və əlavə sinif otaqlarının tikintisi və təmiri üçün 214,5 milyon manat, səhiyyə obyektlərinin tikintisi üçün 103,8 milyon manat, mədəniyyət obyektlərinin tikintisi və bərpası və yenidən qurulması üçün 210 milyon manat, idman obyektlərinin tikintisi üçün 108,3 milyon manat, qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin maliyyələşdirilməsi üçün 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri! Tərtib olunmuş proqnozlara görə 2008–2011-ci illərdə Azərbaycan iqtisadiyyatının yüksək artım templəri ilə inkişaf edəcəyi gözlənilir. Bu özünü ilk növbədə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun dinamikasında büruzə verəcəkdir. İqtisadi İnkişaf Nazirliyində 2008–2011-ci illər üçün hesablanmış proqnozlara əsasən ümumi daxili məhsulun 2011-ci ildə 41,4 milyard manat təşkil edəcəyi gözlənilir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 2008-ci ildə 4550 ABŞ dolları, 2011-ci ildə isə 2006-cı ilə nisbətən 2,8 dəfə artaraq 6750 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Bu yüksək artım tempi növbəti illərdə də davam edəcəkdir.
Ümumi daxili məhsulun yüksək artımı qeyri-neft dövlət sektorunun artımı ilə müşahidə olunacaqdır. Qeyri-neft dövlət sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 2008-ci ildə 89 faiz təşkil edəcəkdir. Ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın neft sənayesi öz inkişafında, sözün həqiqi mənasında, “bum” mərhələsinə qədəm qoyacaqdır. 2008-ci ildə 52 milyon ton, 2011-ci ildə isə 63 milyon ton neft hasil olunacaqdır. Bu dövr ərzində hasil olunacaq neftin 35 milyon tonu Dövlət Neft Şirkətinin, 205 milyon tonu isə Neft Konsersumunun payına düşür.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu sahədə əsas göstəricilər olan əhalinin pul gəlirlərinin, orta aylıq əmək haqqının, pensiyaların artması təmin ediləcəkdir. Əhalinin gəlirlərinin 2008-ci ildə 29,4 faiz artaraq 16,7 milyard manat olacağı proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası 2008–2011-ci illərdə daha da güclənəcək. Bu özünü Azərbaycanın xarici ticarət dövriyyəsinin və ticarət tərəfdaşlarının artmasında büruzə verəcəkdir. Belə ki, 2008-ci ildə malların ixracının 24,9 milyard ABŞ dolları, idxalının 6,3 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına üzv olmaq prosesini əhəmiyyətli dərəcədə sürətləndirmək əzmindədir. Bu baxımdan olduqca vacib əhəmiyyət kəsb edən məqamlardan biri milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasıdır. Bir sıra qanunvericilik aktları, normativ sənədlər, layihələr artıq hazırlanmış və daxili prosedurları keçmək mərhələsindədir.
Beləliklə, özünün dövlət müstəqilliyini, makroiqtisadi, ictimai-siyasi sabitliyini daha da möhkəmləndirən, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini, iqtisadiyyatın bütün sahələrində islahatları ardıcıl surətdə davam etdirən ölkəmiz cəmiyyətin digər sahələrində olduğu kimi, sosial-iqtisadi inkişafda da yeni uğurlar astanasındadır. Göstərilən tədbirlərin həyata keçirilməsi ümumi daxili məhsulun və digər makroiqtisadi göstəricilərin və onların adambaşına düşən real həcminin dinamik artımı Azərbaycan Respublikasının 2008–2011-ci illərdə daha sürətli iqtisadi inkişafını və bunun əsasında ölkə vətəndaşlarının layiqli yaşayış səviyyəsini təmin edəcəkdir.
Sədrlik edən. Sağ olun, Heydər müəllim. Söz verilir Hesablama Palatasının sədri Heydər Əsədova.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli qonaqlar! Mən büdcə layihəsinin komissiyalarda müzakirəsi zamanı da demişdim, indi də demək istəyirəm ki, hər il bu salonda biz ümummilli liderimiz Heydər Əliyev ideyalarının təntənəsinin, həmin ideyaların olduqca böyük, uzunmüddətli strategiya olduğunun və möhtərəm Prezidentimiz İlham Əliyevin həmin strategiyanı yaradıcılıqla həyata keçirdiyinin bir daha şahidi oluruq. Müzakirəmizə təqdim edilmiş büdcə layihəsinin parametrləri, eləcə də həmin büdcə göstəricilərində hökumətin hədəfləri mənə bu dəlili deməyə əsas verir.
Məlumat üçün bildirirəm ki, bu büdcə zərfinin Hesablama Palatasının iclasında geniş müzakirəsi aparılmış, onun həm iqtisadi, həm də funksional tərəfləri geniş tətbiq olunaraq Milli Məclisə Hesablama Palatasının 170-dən artıq səhifədə rəyi təqdim edilmişdir. Onlarla rəy, təklif və qeydləri birləşdirən bir rəy təqdim olunmuşdur. Məlumat üçün bildirirəm ki, Hesablama Palatası bu rəydə hökumətin iqtisadi siyasətinə qiymət verməyə çalışmamışdır. Burada məqsəd hökumət tərəfindən təqdim edilmiş büdcə layihəsinin həmin hökumətin bəyan etdiyi iqtisadi hədəflərə adekvatlığı, onun üçün maliyyə təminatı yaradıb-yaratmayacağı, eləcə də ölkədə bunun üçün mövcud olan münbit şərait müzakirə edilib müsbət rəy təqdim olunmuşdur.
Hesablama Palatasının rəyində hökumətin iqtisadi siyasəti ümumilikdə bəyənilməklə yanaşı, eyni zamanda, bu siyasətin həyata keçirilməsi üçün tərtib edilmiş büdcənin bütün parametrlərinə ardıcıl rəy bildirilmişdir. Büdcənin ümumi parametrləri hökumət üzvləri, hörmətli Samir müəllim, hörmətli Heydər müəllim tərəfindən geniş çatdırıldığından, mən həmin büdcənin ümumi iqtisadi əsasları və eləcə də onun qlobal tərəfləri barədə məlumat vermək istəyirəm. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, bu büdcədə hökumətin bir növ ehtiyatlı davranmaq, konservativ yanaşmaq meyili açıq təzahür edir. Bu nədə özünü büruzə verir?
Ümumi daxili məhsulun artım tempinin xərcləri üstələməsinə baxmayaraq, keçən illərə nisbətən onun dinamikasının aşağı düşməsi dediklərimizi bir daha sübut edir. Eyni zamanda, burada əvvəllər əldə edilmiş stabilliyi qoruyub saxlamaq yox, onun dayanaqlığını təmin etmək strategiyası təmin olunur. Burada məqsəd yalnız həmin siyasəti həyata keçirmək deyil, eyni zamanda, maliyyə axınları şəraitində ölkədə inflyasiya təzyiqini yüngülləşdirməyə istiqamətlənmişdir. Eyni zamanda, növbəti ildə həmin büdcənin və ölkənin iqtisadi strategiyasının sterilizator rolu oynayacağı açıq görünür. Mən qeyd etdiyim kimi, maliyyə axınlarının həddən artıq artmasına baxmayaraq, büdcədə ümumi daxili məhsulun, eləcə də onun xərclərinin artımının keçən illərdən aşağı götürülməsi, büdcə kəsirinin çox böyük hissəsinin qiymətli kağızların emissiyası vasitəsi ilə bağlanılması bizim “büdcə yuxarıda sadaladığım parametrlərlə yanaşı, həm də ölkədə sterilizator rolunu oynayacaqdır” deməyimizə əsas verir. Bu rola, həmçinin Milli Bankın manatla yeritdiyi məzənnə siyasəti də, kompleks şəkildə yanaşsaq, bilavasitə köməklik göstərəcəkdir.
Burada diqqəti cəlb edən məqamlar nədən ibarətdir? Diqqəti cəlb edən məqamlar ondan ibarətdir ki, qeyd etdiyimiz kimi, bir vaxt büdcə gəlirlərini ümumi daxili məhsulun 15–17 faizi həcmində büdcəyə cəlb etməyə çalışırdıqsa, artıq növbəti ilin hədəfində bunun 23,6–23,7 faiz olacağı proqnozlaşdırılıb. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq ümummilli gəlirin böyük bir hissəsi, yəni 23,7 faizi büdcə vasitəsi ilə ölkədə bölüşdürülür. Yəni büdcənin iqtisadi proseslərə tətbiqi, ölkənin iqtisadiyyatında tənzimləmə rolu olduqca yüksəlir. Diqqət etsəniz, Hesablama Palatasının rəyində, eyni zamanda, göstərilir ki, növbəti ildə qeyri-vergi gəlirlərinin xüsusi çəkisi olduqca böyük sıçrayışla artacaq. Yəni bu artımın təxminən 164 faiz civarında olması proqnozlaşdırılır. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq dövlətin, hökumətin çoxdan gözlədiyi və yavaş-yavaş həyata keçirdiyi bir siyasəti, hökumətin iqtisadiyyatdan tədricən çəkilmək və özünün birbaşa funksiyası, tənzimləmə funksiyası ilə məşğul olmaq məramı burada hiss edilir.
Eyni zamanda, büdcədə diqqəti cəlb edən məqamlardan biri də dolayı subsidiya vasitəsi ilə iqtisadiyyatın enerji, su sektorunun fəaliyyətinin tənzimlənməsinə ayrılan subsidiyanın aradan qaldırılmasıdır ki, bu da növbəti illərdə büdcə gəlirlərinin olduqca böyük sıçrayışla artmasına imkan verəcəkdir.
Eyni zamanda, neft gəlirlərinin büdcəyə daxil edilməsi mexanizmində də nəzərə çarpan dəyişikliklər var. Əgər diqqət etsəniz, neftin daxili və ixrac qiymətləri arasındakı fərqin 30 faizinin büdcəyə daxil edilməsi praktikası tətbiq olunur ki, bu da büdcə çevikliyinin artırılmasında mühüm məqamdır. Bir barel neftin qiymətinin 50 ABŞ dollarından yuxarı olan hissəsinin 75 faizinin Dövlət Neft Fonduna köçürülməsi planlaşdırılır ki, bu da neft gəlirlərinin idarə edilməsində şəffaflığın yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsində xüsusi məqam hesab edilməlidir.
Büdcə zərfinin müzakirəsində də bir sıra mühüm məqamlar diqqəti cəlb edir. Qanunvericilik aktlarının büdcə zərfinin rəqəmlərdən, göstəricilərdən əvvəl müzakirəsi həmin büdcənin icrası üçün olduqca münbit şərait yaradacaqdır. Yadınızdadırsa, biz büdcəni qəbul etdikdən sonra illərlə həmin büdcənin icrası üçün zəruri olan normativ sənədlərin qəbul edilməsinə vaxt sərf edirdik ki, bu da büdcənin icrasında ahəngdarlığın pozulmasına gətirib çıxarırdı. Bu il büdcədən qabaq qanunvericilik aktlarının qəbul edilməsi, xüsusi ilə Vergi Məcəlləsinə dəyişikliklərin, eləcə də digər qanunların büdcə zərfinə əlavə edilməsi büdcənin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Büdcənin strukturunda olan dəyişikliklər də diqqəti cəlb edir. Hörmətli Heydər müəllim də qeyd etdi, büdcədə ən mühüm dəyişiklik büdcədə investisiya siyasətinin dəyişdirilməsidir. Burada söhbət təkcə büdcənin investisiya yönümlülüyünün artırılmasından deyil, müəyyən müddət ərzində artımı ilə yanaşı, onun strukturunda edilən dəyişikliklərdən gedir. 2006-cı ildə ümumi investisiyanın 46 faizi büdcə hesabına həyata keçirilirdisə, 2007-ci ildə bu rəqəm 57,9 faiz təşkil edirdisə, gələn il bu rəqəm 70,4 faiz təşkil edəcəkdir. Deməli, investisiyanın böyük əksəriyyəti artıq büdcə vasitəsi ilə daxili imkanlar hesabına həyata keçirilir. Daha dəqiq desək, artıq növbəti illərin büdcəsində investisiya ixracı meyili açıq-aydın görülməkdədir. Yerli gəlirlərin xüsusi çəkisinin artması da, Samir müəllim qeyd etdi, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsinin məntiqi nəticəsidir, yəni yerli xərclərə subsidiyanın həcminin artmasına baxmayaraq, gəlirlərin ümumi strukturda xüsusi çəkisinin artması dediyimi təsdiq etməyə əsas verir.
Xüsusi bir məqam əsaslı və cari xərclər arasındakı nisbətin dəyişdirilməsidir. Yəni bu, sadə dəyişiklik deyil. İllərlə, hörmətli Ziyad müəllim də qeyd etdi, büdcənin böyük hissəsi cari xərclərə gedirdi ki, bu da növbəti il üçün istismar xərclərinin artmasına və gələcəkdə həmin xərclərin istehsal təyinatlı mənbələrə yönəldilməsinə mane olurdu. Cari ildə, hörmətli maliyyə nazirimizin qeyd etdiyi kimi, artıq əsaslı xərclər büdcə xərclərinin 44–45 faizini təşkil edəcəkdir ki, bu da büdcənin strukturunda ciddi dəyişiklik hesab edilə bilər.
Hesablama Palatası hesab edir ki, “sair xərclər”, “digər xərclər” adlanan hissələrdə də dəyişikliklərin edilməsi büdcə strukturundakı dəyişikliklərin mühüm nümunələrindən biridir. Fikir versəniz, görərsiniz ki, cari ilin büdcəsində, növbəti ilin layihəsində artıq həmin xərclərin xüsusi çəkisi ümumi büdcə xərclərinin xüsusi çəkisinin 2 faizindən artıq deyildir ki, bu da büdcə xərclərinin şəffaflığını göstərən amildir.
Büdcə strukturunda artıq fundamental elmlərə ayrıca vəsait ayrılması, xəzinə qalıqlarının uçota alınması üçün ayrıca maddə verilməsi, maliyyə aktivlərinin alınmasının xüsusi çəkisinin büdcədə artması, qeyri-hökumət təşkilatlarına yeni vəsait ayrılması kimi onlarla nümunə göstərmək olar.
Bununla bərabər Hesablama Palatası büdcənin idarə edilməsində və onun yaxşılaşdırılmasında mühüm potensial imkanları olmasını, eyni zamanda, nəzəri cəhətdən bu işin təkmilləşdirilmiş bir sıra aspektlərini də qeyd etməyi zəruri hesab edir. Bunlardan ən mühümü ondan ibarətdir ki, büdcənin proqramlıq səviyyəsinin yüksək olması onun daha çox məqsədyönlü istifadəsini xarakterizə edən amillərdəndir. Büdcənin proqramlılığı keçən ilə nisbətən 3–4 faiz arasında artmışdır ki, bu da o qədər yüksək artım tempi hesab edilə bilməz.
Hesablama Palatası hesab edir ki, büdcənin məqsədli proqramlar, ümumiyyətlə, proqramlar əsasında tərtibi məsələsi gündəmdə olan ən prioritet məsələlərdən biri olmalıdır. Eyni zamanda, Hesablama Palatası belə proqramların icrası və eləcə də həmin icra əsasında növbəti il üçün büdcənin proqnozlaşdırılması zamanı onun nəticələrinə qiymət verilməsini xüsusi vurğulayır. Yəni ayrılmış vəsaitdən istifadə, bunun bazası əsasında növbəti ilin büdcəsinin proqnozlaşdırılması prinsipinə keçilməsini xüsusi ilə dəstəkləyir. Eyni zamanda, xərclərin planlaşdırılmasının normativ hüquqi bazasının tam yaradılması işinin başa çatmamasını qeyd edir. Yəni xərclərin proqnozlaşdırılmasının normativliliyi yüksəldilməlidir.
Eyni zamanda, palatanın rəyində bildirilir ki, subsidiyaların verilməsinin konkret mexanizminin hazırlanmasını, regionların tarazlaşdırılmış inkişafı üçün verilən dotasiyaların hesablama mexanizminin dəqiqləşdirilməsi və rəsmiləşdirilməsini, eyni zamanda, büdcəyə yeni maddələr əlavə edərək bir sıra səhmdar cəmiyyətləri tərəfindən ödənilən dividendlər üçün yeni maddələr ayrılmasını və bunun üzərində nəzarət mexanizminin tətbiqini məqsədəuyğun hesab edir.
Neft Fondundan ayrılan vəsaitlərin həcminin artdığını nəzərə alaraq həmin vəsaitlərin istifadə təyinatlarının büdcədə ayrıca göstərilməsini də palata məqsədəuyğun hesab edir.
Nəhayət, bütün bunlarla yanaşı, Hesablama Palatası 2006-cı ilin büdcəsinin icrası zamanı Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən investisiya xərclərinin təyinatının dəyişdirilməsi istiqamətində verdiyi təkliflərin büdcədə nəzərə alındığını qeyd edir və bunun üçün təşəkkürünü bildirir.
Bütün bu dediklərimi yekunlaşdıraraq demək istəyirəm, ümumi rəy ondan ibarətdir ki, 2008 və növbəti 3 il üçün tərtib edilmiş büdcə proqnozlarının layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq hazırlanmışdır. Eyni zamanda, digər qanunvericilik aktlarının tələblərinə uyğun gəlir və Hesablama Palatası hesab edir ki, bu büdcə növbəti ildə möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı altında həyata keçirilən siyasət nəticəsində leksikonumuza yeni “sıçrayışlı inkişaf” termininin daxil olmasına şərait yaradacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Hörmətli millət vəkilləri, hesab edirəm ki, Milli Bankın İdarə Heyəti sədrinin günün ikinci yarısı çıxış etməsi daha yaxşı olar. Fasilə elan edilir. Sağ olun.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri! İclasa davam edirik. Söz verilir Milli Bankın İdarə Heyətinin sədri hörmətli Elman Rüstəmova.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hörmətli hökumət üzvləri! Hörmətli media üzvləri, xanımlar və cənablar! Ölkəmizin iqtisadiyyatında olduqca mühüm proseslər baş verir. Ölkənin modernləşməsi, yeniləşməsi barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 4 il öncə irəli sürülmüş proqram bu gün öz real nəticələrini verir. Məsələ onda deyil ki, ölkənin iki il davam edən, dünyada presedenti olmayan, iqtisadi artım tempi 30 illik, bütövlükdə MDB üzrə son 4 ilin iqtisadi artım tempini 3,3 dəfə üstələyibdir. Məsələ ondadır ki, ölkəmizin adı inkişaf etməkdə olan dövlətlər içərisində kasıblıq səviyyəsi ən sürətlə azalanlar sırasında çəkilir. Ölkə adambaşına düşən ümumi daxili məhsulun həcminə görə inkişaf eləməkdə olan dövlətlərə yaxınlaşır.
Azərbaycanın valyuta ehtiyatları sürətlə artdığına, hər gün dəyişdiyinə görə müxtəlif rəqəmlər söylənilir. Bu gün ölkənin tədiyyə balansının profisiti ilin yekunlarına görə 7 milyard Amerika Birləşmiş Ştatları dollarından yuxarıdır. Artıq uzun müddət davam edən belə bir iqtisadi və sosial inkişaf xəttimiz vardır. Bu da vətəndaşların həyat səviyyəsində, yaşayış tərzində, bütövlükdə sosial durumun bütün strukturunda yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxarır. İnsanlar indi başqa cür düşünür, başqa cür çalışır, yeni həyat, təhsil, yaşamaq, istirahət etmək motivləri üzərində köklənirlər.
Əldə etdiyimiz ən mühüm nəticələr, XXI əsrin əvvəllərində möhtərəm Prezidentimizin başçılığı ilə həyata keçirilən siyasət nəticəsində qazanılan keyfiyyət dəyişiklikləri barədə daha çox danışmaq olar. Bununla belə, bütövlükdə heç kim düşünməsin ki, iqtisadi və sosial sahədə yüksək inkişaf çox sadə yolla gedir. Bütövlükdə həm dünya iqtisadiyyatında qlobal risklərin, həm də milli iqtisadiyyatımızda lokal risklərin olduqca kəskinləşməsi fonunda mürəkkəb ziddiyyətlər yaranır. Belə bir iqtisadi inkişaf sürəti də qəbul etdiyimiz risklər fonunda baş verir.
Bir il öncə Beynəlxalq Valyuta Fondu adəti üzrə dünyada 4 qlobal risk haqqında bəyanat verdi. Bu risklərlə bağlı aparılan analiz göstərdi ki, Azərbaycanın iqtisadiyyatı ötən dövrlərdə, xüsusi ilə son illərdə dünya iqtisadiyyatına fəal şəkildə inteqrasiya edir. Qloballaşmanın bu və ya digər üstünlüklərindən istifadəyə imkan verən risklər nədən ibarətdir?
Dünyada enerji daşıyıcılarının qiymətləri kəskin artmaqdadır. Yəqin, yadınızdadır ki, Nazirlər Kabinetinin ölkədə sosial-iqtisadi inkişafın 9 aylıq yekunlarına həsr olunmuş geniş iclasında möhtərəm Prezidentimiz neftin qiymətinin artmasının həm Azərbaycan üçün xeyirlərindən, həm də fəsadlarından necə məharətlə danışdı. Bu gün neftin qiymətinin yüksəldilməsi enetji daşıyıcılarına həddindən artıq çox təsir göstərir və Azərbaycan üçün həm müəyyən üstünlüklər, həm də risklər yaradır. Bunun haqqında biz sonra, bir sıra proseslərin müzakirəsində danışacağıq.
Digər proses qəribə də olsa, Amerika Birləşmiş Ştatları iqtisadiyyatının müvazi zəiflikləri fonunda baş verir. Hamını maraqlandıran, dünyanın əsas ehtiyat və hesablaşma valyutası olan Amerika Birləşmiş Ştatları dollarının dünyanın ikinci aparıcı valyutasına nisbətən zəifləməsi və bununla əlaqədar olan proseslər Azərbaycan iqtisadiyyatından da yan keçmir. Bu, olduqca böyük bir riskdir. Proseslərin gedişində yeni bir risk, Amerika Birləşmiş Ştatlarının maliyyə bazarlarında ipoteka dövranından başlamış proseslər bütövlükdə dünyanın aparıcı maliyyə institutlarına ciddi təsir göstərdi. Düzdür, Azərbaycan bu proseslərdən, ağır vəziyyətlərdən özünü nə qədər hifz eləsə də, onun iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olduğuna görə maliyyə bazarının çətinlikləri önündə bir qədər həssasdır.
Dünyada “isti pullar” deyilən vəsaitlər var. Bunlar maliyyə bazarlarından çıxan kimi artıq hərəkətə gəlməyə, inkişaf eləməkdə olan ölkələrin pul səbətlərinə daxil olmağa başlayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə ilin sonuna yaxın inkişaf eləməkdə olan dövlətlərin, o cümlədən Çinin 1,4 trilyon, Rusiyanın 0,5 trilyona yaxın, Cənubi Koreya və digər neft ixracatçılarının təxminən 4 trilyon Amerika Birləşmiş Ştatları dolları məbləğində sərbəst maliyyə vəsaitləri mövcuddur. Bu gün o pullar dünyada özünün ən səmərəli tətbiqi bazarlarını axtarırlar. Azərbaycan bu pullar üçün çox münbit iqtisadi maliyyə bazarlarından biridir. Bütün bunlar, yenə deyirəm, iqtisadiyyatımız üçün, təbii ki, mühüm risklər yaradır. Bu şəraitdə Azərbaycan dövlətinin əsas stabilləşmə mandatı olan orqanı Milli Bankdır. Belə hallarda bizim əsas vəzifəmiz bu risklərin və onlarla əlaqədar yaranan lokal risklərin ölkədə gedən sürətli inkişaf prosesinə mənfi təsirini yumşaltmaqdan ibarətdir.
Ən böyük risk məzənnə riskidir. Ölkədə valyuta ehtiyatlarının həcmi 7 milyard ABŞ dollarını ötüb keçibdir. Bir il ərzində ölkəyə 7 milyard ABŞ dolları həcmində profisit, yəni pul axını baş veribdir. Bu, hələ hamısı deyildir. Ölkəyə başqa ciddi investisiya axınları da var. Bu haqda da danışacağıq.
Valyuta artıqlığı Azərbaycan manatının möhkəmləndirilməsi istiqamətində ciddi problemlər yaradır. Burada iqtisadi məzmun ondan ibarətdir ki, ölkədə ciddi strateji məqsəd olaraq iqtisadiyyatın diversifikasiyası – qeyri-neft sektorunun yaradılması prosesi gedir. Belə olan halda manatın möhkəmlənməsi olduqca ciddi fəsadlar yarada bilər. Milli Bank ötən dövrdə, o cümlədən də cari ildə manatın məzənnəsinin hədsiz möhkəmlənməsinin qarşısını almaq siyasətini aparıbdır. Ötən dövrdə o möhkəmlik cəmi 2,6 faiz təşkil edibdir. Bu, dünyada gedən proseslər fonunda minimal həddir.
Qonşu dövlətlərdə – Rusiyada 8 faiz, Qazaxıstanda 5 faizdən yuxarı, başqa neft ölkəsi olan Venesuelada 20 faiz həcmində möhkəmlənmə gedib. Bütövlükdə, – “valyuta zənbili” deyilən termin var, – həmin “valyuta zənbili”nə görə, manatın 5 faiz ucuzlaşması bizim üstün xarici ticarət mövqeyimizi göstərir. Əsas siyasətimiz ondan ibarətdir ki, manatın həddən artıq möhkəmlənməsinin qarşısını alaq.
Maliyyə bazarlarında il ərzində 1,4 milyard ABŞ dolları həcmində vəsait götürməyimiz olmasaydı, hesablamalar göstərir ki, il ərzində manat 20 faiz möhkəmlənməli idi. Bu siyasətin digər alternativi və əsas məqsədlərindən biri isə, bildiyiniz kimi, büdcəmizin formalaşmasında neft gəlirlərinin mühüm rol oynamasıdır. Bu, yarıdan çoxdur və təbii olaraq biz büdcəyə, ilk növbədə bütün iqtisadiyyata, maliyyə bazarlarına lazımi manat ehtiyatlarını vermişik. Bunlar iqtisadiyyatda hesablaşmaların aparılması, sosial ödənişlərin həyata keçirilməsi üçün mühüm rol oynamışdır. Ötən dövrdə ölkədə bu məqsədlə pul kütləsi 50 faiz artırılıb. Bu gün iqtisadiyyatda, xüsusi ilə fiskal sektorda pul kütləsinin artırılmasına ciddi tələblər yaranıbdır. Biz bu tələbləri ödəməyə çalışırıq.
Digər risk, təbii ki, inflyasiya riskidir. İnflyasiya tarixən pullarla birlikdə yaranmışdır. Pul çoxaldıqca, inflyasiya riski də çoxalır. Kim daha yüksək iqtisadi inkişafa malikdir, kim yüksək gəlirlər götürür, xüsusi ilə ixracatda onun inflyasiya riskləri də çoxalır.
Neftin qiyməti haqqında danışdıq. Neftin qiymətinin inflyasiyaya təsiri Azərbaycanda çoxtərəflidir. İlk növbədə rekord qiymətlərlə neft ixracı son 4 ildə dörd dəfədən çox artıb. Mənim yadıma gəlir ki, neftin qiyməti 10 dollardan aşağı düşmüşdü və bizim ciddi büdcə çətinliyimiz var idi. Bu gün neftin qiyməti özünün bütün tarixi rekordlarını təzələyir və bunun özünün, təbii ki, çox böyük üstünlükləri var. Böyük həcmdə əldə etdiyimiz valyuta ehtiyatlarının mənbəyi nədədir? Bunu neft strategiyasının reallaşdırılmasında, neftin qiymətinin tarixi rekordlarını qazanmasında axtarmaq lazımdır. Bunların üst-üstə düşməyi belə bir mənbəni yaradır.
Biz ulu öndərimizin uzaqgörənliyinin, müdrikliyinin bir daha şahidi oluruq. İxrac etdiyimiz neft başqa ölkələrdə istehlak olunur və orada istehsal edilən malların qiymətləri yüksəlir. Bu qiymətlərlə biz həmin istehlak mallarını geriyə alırıq. Hesablamalar göstərir ki, daha balanslı metodologiya sayəsində 6 ayın nəticələrinə görə belə bir inflyasiyanın ixracı ilə idxalının həcmi təxminən 8 faizdir. 9 ayın yekunlarına görə, artıq 10 ayın yekunları var, inflyasiya təxminən 13 faizdən bir az yuxarıdır. Bu amilin rolu, yəqin ki, məlum olur.
Digər bir amilə nəzər yetirək. Ölkədə iqtisadi liberallaşdırma prosesləri davam edir, islahatlar gedir. Yanvar ayında kommunal ödənişlərin, enerji daşıyıcılarının qiymətlərinin dünya bazarında olan qiymətlərə uyğunlaşdırılması tədbirini həyata keçirdik. Bu da olduqca lazımlı bir addımdır və bütün dünya buna gedir. Həmin tədbir bir ay ərzində 6,4 faiz inflyasiya verdi. Bu inflyasiyanı nəzərə almadan deməliyəm ki, hazırkı dövrdə inflyasiya birrəqəmlidir. Beynəlxalq təcrübədə təmizləmə aparılır. İnzibati yolla qiymətlərin artırılması, liberallaşdırma əsl inflyasiyadan çıxılır. Bütün bunların nəticəsində ölkədə inflyasiyanın səviyyəsi, təbii ki, yuxarıdır. Cənab Prezident 9 aylığın yekunları ilə bağlı çıxışında bunu ifadə elədi. Odur ki, biz ölkədə, nəhayət, birrəqəmli inflyasiyaya nail olmaq üçün bütün tədbirləri görməliyik. İnflyasiyanın ölkəyə idxalı obyektivdir. Bu, idarə olunan bir amil deyil, lakin ölkədə inflyasiyanın idarə olunan amilləri də var. Cənab Prezident öz çıxışında onu dedi və bu gün Heydər müəllim də həmin məsələlərə toxundu.
Hesab edirəm ki, ölkədə 2007-ci ilin yekunlarına və 2008-ci il büdcə monetar siyasətinin parametrlərinə uyğun əks-inflyasiya proqramı olacaq. Bu bizə imkan verəcək ki, cənab Prezidentin qarşımıza qoyduğu təkrəqəmli inflyasiya səviyyəsinə nail ola bilək.
Ölkədə valyuta ehtiyatlarının ciddi artımı məsələsinə toxundum, avro, dollar məzənnəsi ilə bağlı məsələ, hesab edirəm ki, millət vəkillərini də narahat edir. Burada Azərbaycan üçün indiki vəziyyətdə qorxulu heç bir şey görmürük. Ölkənin valyuta aktivləri prinsipial olaraq iki hissəyə bölünür. Onlardan biri Dövlət Neft Fondunda, digəri isə Milli Bankda saxlanılan vəsaitdir.
Bunların funksional rolu prinsipial olaraq fərqlidir. Dövlət Neft Fondunda saxlanan vəsaitlər yaxın illərdə kəskin artacaqdır. Bunlar saxlanmaq, gəlir gətirmək, ölkədə həyata keçirilən sosial-iqtisadi proqramların bir hissəsinin reallaşmasına sərf olunmaq üçündür. Digər böyük bir hissə isə gələcək nəsillər fondunda saxlanmalıdır və gəlir gətirməlidir. Bunun valyuta kompozisiyası məhz ona görə diqqəti cəlb edir ki, indiki valyuta kursunda olan ənənələr nəzərə alınmaqla seçilmişdir. Belə bir siyasət həyata keçirilir və burada biz özümüzü kifayət qədər risklərdən qoruyuruq.
Milli Bankda saxlanan valyutanın 90 faizə qədəri ABŞ dollarından ibarətdir. Bu vəsaitlərlə gündəlik əməliyyatların getməsi onunla əlaqədardır ki, ölkədə səviyyəsi 10 milyard ABŞ dollarına çatan valyuta bazarı dövriyyəsinin 90 faizini bu pul vahidi təşkil edir. Ölkənin xarici ticarət dövriyyəsinin də 80–90 faizi ABŞ dolları ilə həyata keçirilir.
Ölkənin xarici borc quruluşunda da ABŞ dollarının xüsusi çəkisi vardır və bu vəsaitlər həmin məqsədlərə xidmət edir. Xarici borcun geri qaytarılmasına tələbat olanda onu Milli Bank ödəyir, çünki bizim valyuta vəsaitlərinin quruluşunda həmin xüsusi çəki yüksəkdir və bu mənada narahatçılığa heç bir əsas yoxdur. Bu məsələ Azərbaycan hökumətinin də diqqət mərkəzindədir. Hörmətli Artur müəllimlə məsləhətləşmələrimiz başlayıb, ona bir daha baxılacaq və optimal qərar qəbul olunacaqdır.
Bank sektoru haqqında nə demək olar? Ölkədə çox fəal şəkildə bank islahatları həyata keçirilir. Bank sektoru ölkədə həm bank sisteminin inkişafında, həm də mən deyərdim, makroiqtisadi sabitliyin təmin edilməsində olduqca mühüm rol oynayır. Ölkədə bankların aktivləri ötən dövr ərzində 60 faiz, kredit qoyuluşu, əmanətlər 80 faizdən, uzunmüddətli kreditlər isə iki dəfədən çox artıbdır. Burada “Əmanətlərin Sığortalanması Fondu haqqında” Qanunun xüsusi rolunu qeyd eləmək istəyirəm. Bu gün Azərbaycan əmanətçilərinin 1,2 milyard manat həcmində olan əmanətlərinin 1 milyardı sığortalanıb, onların zəmanəti var, qorunur. Bizdə daha yüksək əmanət qrupları vardır. Yadınızdadırsa, biz orada adambaşına min manatdan yuxarı əmanəti olanları nəzərdə tuturuq. Əmanətlərin Sığortalanması Fondunun tətbiqi göstərir ki, əsas əmanətlərin sahibləri xırda əmanətçilərdir. Bu qanunla xırda əmanətçilərin əmanətlərinin əsas hissəsini – 1 milyard manatını qoruyuruq. Bunun nəticəsində bank sektorunun artım sürətini görürsünüz, 70–80 faizdir. Təbii ki, müəyyən risklər də yaranır. Azərbaycan bankları xarici maliyyə bazarlarından da vəsaitlər cəlb edir. Bu gün o vəsaitlərin həcmi
1 milyard Amerika Birləşmiş Ştatları dollarına çatıb. İlin sonuna qədər 1,5 milyard dollara çatması proqnozlaşdırılır. Bu, çox yaxşıdır. Banklar fəallıqla həm real sektoru, həm də əhalimizi kreditləşdirirlər. Bu gün elə bir ailəni çətin taparsınız ki, orada kreditə götürülmüş məişət əşyaları olmasın. Banklar evlərə gedir və bu proseslərdə fəal iştirak edirlər.
Banklar çox fəal şəkildə ipoteka kreditləşməsində də iştirak edirlər. Banklar tərəfindən 260 milyondan yuxarı ipoteka krediti verilib və bunun cəmi 60 milyonu dövlət tərəfindən maliyyələşdirilib. Belə şəraitdə bank dairəsində, təbii ki, risklər yaranır. Xaricdən borcalma bizi narahat edir. Dediyim ipoteka böhranı Amerikanın maliyyə bazarlarından başlamış, dünyanın hər yerində mövcuddur. Maliyyə böhranı bizdən yan keçsə də, arxayınçılığa heç bir əsas vermir. Əlavə tədbirlər görülür ki, bank sisteminin xarici böhranlara, dünya maliyyə bazarlarında gedən proseslərə həssaslığı artırılsın.
Bütövlükdə 2007-ci il ərzində Milli Bankda, qeyd olunduğu kimi, iqtisadiyyatın inkişafı, manatın məzənnəsinin sabitliyi, ölkədə həyata keçirilən fiskal siyasətin – maliyyə təminatının təmin olunması, inflyasiyanın qarşısının alınması, iqtisadi inkişafda maliyyə sektorunun rolunun sabit qaydada artırılması istiqamətində bir sıra mühüm tədbirlər görülmüşdür. Bu məqsədlə faiz siyasətimiz dəyişdirilmiş, onun dərəcələri 9 faizdən 13 faizə qaldırılmışdır.
Bildiyiniz kimi, cənab Prezident tərəfindən ölkədə kapitalın hərəkətinin liberallaşması istiqamətində olduqca ciddi addım atılmışdır. Biz bunun artımının ilk nəticələrini görürük. Bu, bölgələrdə də iqtisadi itkilərin qarşısını alır.
Maliyyə Nazirliyi ilə birlikdə qiymətli kağızlar bazarının genişləndirilməsi istiqamətində görülən işlər də iqtisadi sabitliyin təmin olunması istiqamətində əhəmiyyətli rol oynamışdır. Biz vəzifələrimizi bilirik və hansı əlavə işləri görməliyik, onlar bu gün tam aydındır.
Dövlət büdcəsinin layihəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Dövlət büdcəsi olduqca yüksək keyfiyyətlə tərtib olunmuşdur. Büdcədə nəzərdə tutulan xərclərin dinamikasına əgər baxsaq, 2005, 2006, 2007-ci illərin azalan tempini görürük, yəni 80 faizdir. Bu il büdcənin icrası ilə əlaqədar xərclərin, Samir müəllimlə danışdıq, təxminən 60–62 faiz olacağı gözlənilir. Bu ilə 35 faiz azalıbdır. Bu onu göstərir ki, büdcə xərclərində neft gəlirlərindən istifadə olunması strategiyası həm də iqtisadi inkişafı, makroiqtisadi sabitliyi təmin edən bir zəruri çərçivədədir. Bu çərçivə məhz birrəqəmli inflyasiya hədəfini, az möhkəmlənən manat hədəfini qoymağa imkan verir.
Hesab edirəm ki, Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Milli Bankın və digər əlaqəli fəaliyyət göstərən təşkilatların birgə səyi, hökumətin koordinasiyası əsasında biz 2008-ci ildə ölkədə qarşıya qoyulan çox mühüm makroiqtisadi sabitləşmə, iqtisadi inkişaf hədəflərinə nail ola və bunların harmoniyasını təmin edə biləcəyik. Sonda Milli Məclisi, hörmətli deputatları əmin etmək istəyirəm ki, Milli Bank və onun kollektivi növbəti ildə də vəzifələrini layiqincə yerinə yetirmək üçün əlindən gələni edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Hörmətli millət vəkilləri, “Dövlət borcu haqqında” Qanunda dəyişikliklər edilməsi ilə yeni Təminat Fondunun yaradılması nəzərdə tutulur. Dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etməmişdən əvvəl hüquqi ardıcıllıq olar ki, biz 19-cu məsələyə münasibət bildirək. Belə olmasa, ayrılmış təminat ünvansız olar. Əgər etiraz yoxdursa, əvvəlcə 19-cu məsələyə baxaq, onu qəbul edək, sonra büdcə layihəsinin müzakirəsinə başlayaq. Etiraz yoxdur? Yoxdur. Onda sözü Ziyad Səmədzadəyə verirəm. Buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İqtisadi siyasət daimi komissiyasında “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunmuşdur. Onu yekdilliklə sizin müzakirənizə təqdim etmişik. Hörmətli Oqtay müəllim, bayaq da maliyyə naziri Samir müəllim qeyd etdilər ki, bu qanunun daha səmərəli işləməsi üçün Təminat Fondu yaradılmalıdır. Bununla əlaqədar qanunun 11-ci və 13-cü maddələrində dəyişiklik edilmişdir. Onlarda dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və onun funksiyaları açıqlanır. Mən millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə ehtiyac varmı? Yoxdur. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.26 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 103
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
İndi də Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Xahiş edirəm, müzakirədə iştirak etmək istəyənlər çıxışa yazılsınlar. Hələlik tabloda cəmi 50 ad yerləşibdir. Müzakirələrə başlayırıq. İlham Məmmədov, buyurun.
İ. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və ona daxil olan zərflər paketi ilə yaxından tanış olmuşam. Millət vəkili kimi bu qanun layihəsi barədə fikrimi bildirmək və təkliflərimi vermək istəyirəm. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, 2008-ci il dövlət büdcəsi ölkəmizin dinamik inkişafına, onun iqtisadi qüdrətinin artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir.
Dövlət büdcəsi haqqında qanun layihəsi çox mükəmməl, peşəkarlıqla, iqtisadiyyatın bugünkü reallığına uyğun şəkildə hazırlanmışdır. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi haqqında təkliflərin büdcə zərfinin müzakirəsindən əvvəl nəzərdə tutulması büdcənin təkmilləşdirilməsi və şəffaflığının artırılması üçün vacib şərtdir. 2008–2011-ci illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri, iqtisadi və sosial sahələrin inkişaf istiqamətləri haqqında müfəssəl məlumatların büdcə zərfinə daxil edilməsi ortaya çıxacaq bir sıra sualları cavablandırır və bizi lüzumsuz müzakirələrdən yayındırır. Ən əsası odur ki, ölkəmizin sürətli və uğurlu inkişafı nəticəsində yaranmış iri maliyyə axınları şəraitində builki büdcə yeni yanaşma ilə hazırlanmışdır. Onu da qeyd etmək istərdim ki, dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının verdiyi rəy bu il olduqca ətraflı, əhəmiyyətli təhlillər əsasında hazırlanmışdır.
Biz 2007-ci ilin dövlət büdcəsini müzakirə edərkən qeyd etmişdik ki, 2008-ci ildə ümumi daxili məhsulun fiziki həcminin 2005-ci ilə nisbətən ikiqat artması, 2010-cu ildə isə bu artımın 2,5 dəfəyə çatacağı proqnozlaşdırılır. Qeyd olunmuşdu ki, təxminən 6 il ərzində ölkənin qlobal əmək məhsuldarlığı 5 dəfə artacaqdır. Bizim hörmətli iqtisadçı alimlərimizin qeyd etdiklərinə görə, bu, çox böyük göstəricidir və əlbəttə, ulu öndərimiz Heydər Əliyevin qurub yaratmış olduğu sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Cənab Prezidentimizin dediyi kimi: “Artıq ölkəmiz, demək olar ki, öz inkişaf potensialına görə regional müstəvidən çıxmışdır”.
2008-ci ilin dövlət büdcəsi ölkəmizin iqtisadi quruculuğu tarixində gələcək illər üçün də mühüm bir mərhələ olacaq. Büdcənin ilbəil aktivliyi ölkədə həyata keçiriləcək iqtisadi siyasətin qarşısında da çox böyük vəzifələr qoyur. Bütün sahələr üzrə infrastrukturların yaradılması, müasir yolların çəkilməsi, körpülərin, su anbarlarının, suvarma sistemləri, meliorasiya, irriqasiya qurğularının, elektrik stansiyalarının, müasir məktəblərin, xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi, qaçqınlar üçün qəsəbələrin salınması, olimpiya idman komplekslərinin inşa olunması, zavodların, fabriklərin işə düşməsi, yeni iş yerlərinin açılması və sair saya bilmədiyim bu kimi iqtisadi obyektlər müstəqil Azərbaycanın indiki reallığıdır və bugünkü büdcəmizdə öz əksini tapmışdır. Büdcə haqqında qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm. Mən deputat həmkarlarımı da buna səsləyirəm.
Hörmətli cənab Sədr, bəzi məsələlərə dair suallarımı vermək və təkliflərimi bildirmək istəyirəm. Bildiyimiz kimi, bütün sahələr üzrə çox yüksək artımın olması ölkəmizin iqtisadi gücünün, qüdrətinin göstəricisidir. Burada səhiyyəyə ayrılan xərclərin, yəni büdcədə olan hissənin 18,5 faiz olması məni maraqlandırır. Yəqin ki, bu suala müzakirələrin gedişində cavab alarıq. Keçən ilki artım, bildiyimiz kimi, 47,5 faiz olmuşdur. Bunun baza hissəsinin üzərinə 18,5 faiz əlavə olunmuşdur. Bunu çox yüksək qiymətləndirir, ancaq belə hesab edirəm ki, səhiyyə sahəsində dövlət proqramlarının həyata keçirilməsi üçün əlavə vəsaitin ayrılması çox məqbul olardı. Mən belə bir təklifi edirəm.
Biz keçən il səhiyyə üzrə xərclərin bölünməsinə də münasibət bildirmiş və səhiyyədə rasional maliyyələşmənin çox əhəmiyyətli olacağını demişdik. Zərflər paketinin II hissəsinə daxil edilmiş 2008–2011-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bu məsələ artıq öz əksini tapıbdır. Burada məcburi tibbi dövlət sığortasının hər il 10 faiz hesabı ilə xəstəxanalara şamil olunması yaxşı haldır. Həmin illərdə imkansız əhalinin tibbi sığortasının tam şəkildə təmin edilməsi, səhiyyə xərclərində ümumi daxili məhsulun 3 dəfədən az olmayaraq artması nəzərdə tutulur. Hər il, qeyd etdiyimiz kimi, Səhiyyə Nazirliyi bu sahədə çox mütəşəkkil iş aparır. Biz ambulator poliklinika hissəsinə maliyyənin ayrılmasını da alqışlayırıq, ancaq keçən ilkinə nisbətən artımın az olması məni bir qədər narahat edir. Xahiş edirəm, bu sualım cavablandırılsın.
Digər bir təklifim də var. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər)” meliorasiya və su təsərrüfatı sahəsində su təminatının, suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına dövlət qayğısını əhatə etmişdir. Bu illər ərzində bu məsələlər çox uğurla həyata keçmişdir. Ölkəmizin əhalisinin çox hissəsi kənd yerlərində yaşayır. Mən bir millət vəkili olaraq seçicilərimlə görüşən zaman onların qarşıya qoyduğu əsas məsələ də elə çox vaxt budur. Bizim hər şeyimiz var. Bu gün dövlət tərəfindən yollar çəkilir, enerji təminatı, qaz, su təchizatı yaxşılaşır. Müasir xəstəxanalar, məktəblər tikilir. Hər birimiz bunların şahidiyik.
Biz torpağa bağlı insanlarıq. Bizə torpaqlarımızın suvarılması barədə hər dəfə müraciətlər edirdilər. Hazırda Dövlət Proqramı çərçivəsində bizim təmsil etdiyimiz rayonun kənd zəhmətkeşləri də bundan yararlanmışdır. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin köməyi ilə əhaliyə yaxından kömək göstərilmişdir. Ümumiyyətlə, bu sahəyə yenə də vəsaitin ayrılması nəzərdə tutulsaydı, daha yaxşı olardı. Kəndlərimizdə yaşayan insanların vəziyyətini yaxşılaşdırmaq, mənə elə gəlir ki, qeyri-neft sektorunun inkişafında irəliyə doğru atılan ən mühüm addımlardan biridir. Mən bu büdcəni çox yüksək qiymətləndirirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri, dəyərli millət vəkilləri! Mən də büdcə ilə bağlı sənədlərlə kifayət qədər ciddi tanış olmuşam. O cümlədən çıxış edən hökumət nümayəndələrinə, Milli Bankın rəhbərliyinə və Hesablama Palatasının rəylərinə diqqətlə qulaq asdım. Təəssüf edirəm ki, keçən il büdcə müzakirə olunarkən qeyd etdiyim fikrə bir daha toxunmalı olacağam: Azərbaycan büdcəsinin əsas yükü neftin üzərindədir.
Respublikamızda bir ənənə yaranıb ki, neft olmasa, bizim dövlət büdcəsinin vəziyyəti olduqca acınacaqlı, vətəndaşların vəziyyəti isə dözülməz olacaqdır. Çox təəssüf ki, növbəti illərdə hökumət bu vəziyyətin düzəldilməsi istiqamətində səmərəli təkliflər proqramı hazırlamayıb və yenə də bütün siyasətin hamısını neft sektorunun üzərində qurubdur. Mən təklif edirəm ki, neft sektorunun büdcədə xüsusi çəkisi azaldılsın və Dövlət Neft Fondundan transfertlərin limiti müəyyən olunsun. Bundan sonra neft pullarının, sadəcə olaraq, istənilən səviyyədə istifadəsi qadağan olunsun. Konkret olaraq maksimum limit 15 faiz, 17 faiz, 20 faizdən artıq olmasın, neftin pulları bu şəkildə dağıdılmasın. Göstərilən rəqəmlərdən belə bir təsəvvür yaranır ki, ümumi daxili məhsul 3 il ərzində 1,9, gəlirlər 2,8, pul gəlirləri 1,6, əmanətlər 2,3 dəfə artmışdır. Çox təəssüf ki, bunu iqtisadi sıçrayış və çox böyük iqtisadi nailiyyət hesab edən hökumət üzvləri qeyd etmirlər ki, onların müqabilində ərzaq məhsullarının qiyməti 3 dəfə artıbdır. O cümlədən çörək 3 dəfə, yəni 10 qəpikdən 30 qəpiyə, ət məhsulu 8500-dən 25000 manata, yəni yeni pul vahidi ilə 1,7 manatdan 5 manata, kartof da ikiqat artaraq 60 qəpiyə qalxıbdır. İnflyasiyanın miqdarı 4,7 faizdən 20 faizə qədər yüksəlibdir. Hökumət büdcənin təqdimatında köhnə illə müqayisədə bunların heç birini nəzərə almayıb.
Sənaye məhsulları 2 dəfə qalxıb, tikinti materialları az qala 6 dəfə qiymət artımına məruz qalıbdır. Daşınmaz əmlakın qiyməti 7–8 dəfə, enerji daşıyıcılarının qiyməti 3 dəfə artıbdır. Bütün bunların hamısı əhalinin sosial-iqtisadi vəziyyətinə olduqca ağır təsir edir. Hər dəfə büdcənin miqdarı artdıqca əhalinin vəziyyəti sanki düzəlmək əvəzinə pisləşir. Saydığımız qiymət artımı fonunda əhalinin maaşlarının artımı və inflyasiyanın miqdarı bir-biri ilə ciddi təzad təşkil edir.
Əhalinin bugünkü yaşayış minimumu əvvəlki illərlə müqayisədə çox ciddi şəkildə geriləyibdir. Əgər bundan əvvəlki illərdə əhali 100–120 manat maaşla normal dolana bilirdisə, indi heç 300 manatla da dolana bilmir. Buna hökumət üzvləri ciddi yanaşmalı və həmin rəqəmləri nəzərə almalı idilər. Onlar gələn ilin büdcəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və müdafiəsi istiqamətində fundamental iş proqramının ortaya qoyulmasını təşkil etməli idilər. Çox təəssüf ki, gələn ilin büdcəsində də, sadəcə, müəyyən miqdarda maaşların artırılması və sosial müdafiənin təşkili üçün bir sıra rəqəmlərlə ölçülən maaş artımı, yardımlar nəzərdə tutulub. Bəs nəzərə alınıb ki, maaş artımının və yardımın miqdarında inflyasiyanın həddi, qiymət artımı nə qədər olacaq? Hökumət bu qiymət siyasətini təbii yollarla tənzimləyə bilərmi? Əlbəttə, yox. Hökumət süni qiymət tənzimləmə üsullarından istifadə etməyə çalışır, ancaq bu, səmərəsiz bir nəticə verir.
Məsələn, yay aylarında Bakıda guya kənd təsərrüfatı məhsullarının açıq, pərakəndə və topdansatışı təşkil edilirdi. Biz hamımız bilirik ki, bunu yerli bələdiyyələrin və bir sıra rayonların icra hakimiyyətlərinin hesabına hansı formada isə təşkil edirdilər. Bunun əhalinin tələbatını nə dərəcədə ödəməsi də aydındır. Bütün bunların fonunda gələn ildə qiymət artımlarının qarşısını almaq üçün büdcə icmalında proqram şəklində konkret göstəricilər yoxdur.
Kənd təsərrüfatı sahəsində, çox təəssüf ki, istehsal olduqca aşağı düşüb. Hökumət Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməli olan kənd təsərrüfatında nəyi necə etmək barədə konkret proqrama malik deyil. Onun bu sahədəki siyasəti başlı-başına buraxılmışdır. Yalnız yanacaq üçün keçən ildən fərqli olaraq, 80 milyon manat vəsait nəzərdə tutulubdur. Kənd təsərrüfatı sahəsinə ayrılan cüzi kreditlər istisna olmaqla, ortada fundamental kənd təsərrüfatı siyasəti doktrinası yoxdur.
Hökumət belə hesab edir ki, torpaq bölünübsə, əhali kənd təsərrüfatı siyasətini özbaşına həyata keçirməlidir. Biz bilirik ki, Azərbaycanın, Bakı şəhəri istisna olmaqla bütün ərazilərinin hamısı kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Əhalinin başlıca məşğuliyyəti də kənd təsərrüfatı sahəsi ilə bağlıdır. Niyə hökumət düşünmür ki, dənli bitkilərin, pambığın, taxıl da daxil olmaqla, istehsalı bu qədər aşağı düşüb. Niyə üzüm bağları, çay plantasiyaları sıradan çıxıb, məhsuldarlıq azalıb? Hökumət bunun müqabilində kənd təsərrüfatı məhsullarının idxalı və ixracı siyasətindəki balansı nəzərə almalı idi.
Bu gün ərzaq məhsullarının ölkəyə idxalı ixracdan iki dəfə artıqdır. Yəni faktiki olaraq ərazisinin böyük əksəriyyəti kənd təsərrüfatı istifadəsinə yararlı olduğu halda bu cür məhsulların əksər hissəsi xaricdən gətirilir. Dövlətin ərzaq siyasəti kompleks şəkildə həyata keçirilmədiyinə görə büdcədən maliyyələşən və büdcədən hər gün ərzaq təminatı alan hissələrin durğunluğu davam edir. Dövlətin sifarişi əsasında ayrı-ayrı rayonların kənd təsərrüfatı subyektlərinin ayağa qaldırılması üçün ortada sistemli bir iş yoxdur.
Sənaye sahəsində də vəziyyət bu cürdür. Məsələn, investisiya qoyuluşu həddən artıq yuxarıdır. 4 milyard ABŞ dollarından yuxarı bir investisiya qoyulub, amma nəzərə alınmır ki, onun 80 faizindən çoxu mədən sənayesinə yönəldilib. Deməli, ölkənin təksektorlu inkişafı burada da özünü göstərir. Ölkə təksektorlu inkişaf mərhələsinə gedir və bu da Azərbaycanın digər sahələri üçün ciddi problem yaradacaqdır.
Ticarət şəbəkəsi sahəsində Azərbaycanda inhisarçılıq durmadan artır. Bu gün Azərbaycan bazarına çıxarılan istər daxili, istərsə də xarici məhsulun ya məmur, ya da məmurun himayə etdiyi biznes, iş adamı kimi inhisarçısı var. Kənar şəxslərin bu bazara daxil olmaması üçün bütün variantlardan və vasitələrdən istifadə olunur. Hökumət bunun qarşısını almaq üçün təsirli tədbir görmür. Xarici iqtisadi ticarətdə də, faktiki olaraq, həmin vəziyyət hökm sürməkdədir.
Mənzil-kommunal sahəsində də vəziyyət olduqca acınacaqlıdır. İstilik, kanalizasiya sistemi pis vəziyyətdədir, elektrik enerjisi ilə təminat olduqca aşağıdır. Elektrik enerjisinin artımından sonrakı vəziyyəti təhlil etsək, görərik ki, elektrik enerjisindən yığılan pulun miqdarı olduqca aşağıdır.
Bəzi rəqəmləri də şişirdirlər. Elektrik enerjisindən yığım, əslində, 70 faiz deyil. Müəyyən olunmuş limitin aşağı salınması, yəni işığın az verilməsi hesabına toplanan elektrik enerjisi rəqəmini şişirtməklə plan doldurmağa dəyməz.
Təhsil sahəsində Azərbaycanın ciddi problemləri var. Azərbaycanın təhsil sahəsində, çox təəssüflər olsun ki, uğurlu bir siyasət hələ də ortaya qoyulmayıb. Təhsil haqqında qanun qəbul olunmayıb, inşallah, qəbul olunacaq. Azərbaycan təhsili elmə söykənən, elmi biliklərə yiyələnən mütəxəssislər yetişdirə bilmir. Sadəcə, rektorun və sistemin bir çərçivəyə saldığı insanlar yetişdirilir. Bununla Azərbaycan elmi uzağa gedə bilməyəcək. Mənə ayrılan vaxt çox az qalıbdır, ona görə təmir-tikinti işləri ilə bağlı bir neçə misal çəkməklə kifayətlənmək istəyirəm. Hökumət evinin təmiri üçün də 24 milyon manat vəsait xərclənib. Hər hansı bir muzeyin təmiri üçün də 21 milyon manat vəsait xərclənir. Mən hesab eləyirəm ki, bu cür fantastik rəqəmlərə hökumət, nəhayət ki, bir əncam çəkməlidir. 24 milyona yeni Hökumət evi binasını tikmək olar. 21 milyona da yenidən 4 muzey inşa etmək olar.
Mən Filarmoniyanın binası ilə bağlı bir dəfə burada misal çəkmişdim. Bu tipli nə qədər desəniz, obyektlər saymaq mümkündür. Azərbaycan hökuməti neftdən gələn gəlirləri belə bir qaydada xərcləməməlidir, çünki bu, hökumətin nailiyyəti deyil. Bu, Azərbaycan xalqına böyük Allahın verdiyi təbii ehtiyatdır. Hökumət onu Azərbaycan xalqının mənafeyinə və gələcək nəsillərin inkişafı üçün düzgün xərcləməyi bacarmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə çox uğurlu iqtisadi siyasət aparılır. Müzakirə etdiyimiz gələn ilin büdcəsinin həcmi, regionlarda aparılan işlər bunun bariz nümunəsidir. Mən də bir millət vəkili kimi hökumət üzvlərinin diqqətini bəzi məsələlərə cəlb etməyə çalışacaq, bir sıra xahişlər edəcəyəm. Yəni çıxışım daha çox xahişlər üzərində qurulacaq. Bu xahişləri yerinə yetirmək, ümumiyyətlə, bizim büdcəmizin imkanları daxilindədir.
Birincisi, mən ilk olaraq parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyanın bir üzvü kimi çıxış eləmək istəyirəm. Bizim komissiyamızda bu məsələ xarici işlər nazirinin müavini cənab Vaqif Sadıqovun iştirakı ilə çox ciddi şəkildə müzakirə olunmuşdur.
Bu gün Azərbaycanda cənab Prezidentin də apardığı siyasət ondan ibarətdir ki, həm ordu quruculuğu, həm də xarici siyasət sahəsində çox ciddi uğurlar qazanılmalı və bu uğurlar sürətlə artmalıdır. Təbii ki, bu işlərin bir hissəsinin aparılmasında ən vacib orqanlardan biri Xarici İşlər Nazirliyidir. Biz Xarici İşlər Nazirliyində kadrları işə götürən zaman normalar müəyyənləşdiririk. Bu şəxslər bir neçə dili bilməli, bir çox standartlara cavab verməlidirlər. Onlar gedib xarici şirkətlərin birində yüksək əmək haqqı ilə çox uğurla işləyə bilərlər, lakin buna vətənpərvər olduqlarına, ölkələrini sevdiklərinə görə razı olmur, dövlət işində çalışırlar. Diplomatlarımızın əmək haqları artırılsa da, bu, günün tələblərinə uyğun gəlmir. Xarici İşlər Nazirliyinin Aparatında işləyən 340 nəfərə yaxın əməkdaşın çoxu vacib və layiqli kadrdır. Təəssüf ki, onların əmək haqları bugünkü reallıqlara cavab vermir və potensial imkanlarını üzə çıxarmağa mane olur. Mən düşünürəm ki, cəmi 340 nəfər Xarici İşlər Nazirliyi Aparatı işçilərinin əmək haqqının artırılması büdcə üçün çətin məsələ deyil və yəqin ki, cənab Prezident də bunu dəstəkləyərdi. Orada yüksək iş bacarığı olan mütəxəssislər var ki, cəmi 250–300 manat maaş alır.
İkinci bir məsələ. Bu gün ölkəmizdə çox müsbət haldır ki, iclasları belə gözəl bir parlament binasında keçiririk. Milli Məclisə gələn xarici qonaqlara bura xoş təəssürat bağışlayır. Bakıda Hökumət evi binasının da çox yüksək səviyyədə təmiri gedir. Bizim qonaqlarımızın isə böyük bir hissəsinin təmasda olduğu, gəlib-getdiyi yer Xarici İşlər Nazirliyinin binasıdır. Oranın yüksək səviyyədə təmir olunması, zövqlə bərpa olunması, mənə elə gəlir ki, çox vacib məsələdir. Xahiş edərdim ki, büdcədə bunu nəzərə alsınlar.
Çox yaxşı haldır ki, bu gün Azərbaycan dövlətinin xaricdə səfirlik və konsulluqlarının sayı artır və onlar üçün binalar alınır. Bu prosesi bir az da sürətləndirmək daha yaxşı olardı. Onların kirayə haqları yüksəkdir, hətta müəyyən müddətdən sonra yaşadıqları binaların qiymətlərinə gəlib çıxır. Bu gün Azərbaycan dövlətinin imkanları artırsa, binaların alınması prosesini sürətləndirmək, bunun üçün ayrılan vəsaiti artırmaq olar.
Mən Amerika Birləşmiş Ştatlarında səfərdə idim. Orada gördüm ki, Nyu-Yorkda BMT-nin yanında daimi nümayəndəliklərin çoxunun gözəl binaları var. Azərbaycanın BMT yanındakı nümayəndəliyi üçün lazımi səviyyədə bina almaq və bayrağımızın həmin gözəl binanın üstündə dalğalanmasını təmin etmək lazımdır. Bu bizim təbliğatımız üçün də çox əhəmiyyətli iş olardı.
Mənim bir fikrim də təbliğat və təşviqatla bağlıdır. Biz bu barədə Vaqif Sadıqovla danışdıq. Dünən cənab Prezident Strateji Araşdırmalar Mərkəzinin yaranması barədə fərman imzaladı. Bunu hamımız alqışlayırıq, çox gözəl bir sənəddir. Ölkəmiz üçün çox vacibdir. Bu sahədə, belə deyək, işlər daha da sürətlənməlidir.
Xarici siyasət strukturunun fəaliyyətinə ayrılan məbləğ, mənə elə gəlir ki, o qədər də yüksək deyil. Onu artırmaq lazımdır, çünki Azərbaycanın səfirlik və konsulluq çərçivəsində təmsil olunduğu ölkələrdə özünü lazımi səviyyədə göstərə bilməsi üçün bu, çox önəmlidir.
Bilirsiniz ki, bu gün ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər görülür. Mehriban xanımın səyi və təşəbbüsü ilə təbliğat-təşviqatla bağlı kitabların çap olunması, filmlərin çəkilməsi böyük səmərə verir. Təbii ki, bu sahədə bizim digər strukturlarımız da ciddi işlər görməlidir, çünki biz hələ də dünyaya tarixi keçmişimizi, mədəniyyətimizi tanıda bilmirik. Bunlar bizim ən ağrılı problemlərimizdir. İşğala məruz qalan ərazilərimizi tanıdacaq, göstərəcək kitablarımız, filmlərimiz azdır. Bu istiqamətdə hökumət üzvlərinin, konkret bu sahəyə cavabdeh şəxslərin fikirlərini bilmək istəyərdim ki, 2008-ci ildə hansı işlər görüləcək.
Mənim toxunacağım digər bir məsələ ipoteka kreditləri ilə bağlıdır. İpoteka kreditlərinin verilməsi çox uğurlu bir məsələdir. Mən şəxsən şahidəm ki, nə qədər insan ipoteka kreditlərinin verilməsindən yararlanıbdır. Bir çoxları ən ağır problemlərini – mənzilə olan ehtiyaclarını bu yolla həll edə bilir. Təəssüf ki, maliyyə vəsaitinin azlığı ilə bağlı bu kreditlər ilin müəyyən hissəsində dayandırıldı və davam etdirilmədi.
O vaxtdan müəyyən qədər qiymətlər də artıb. Mən indi dövlət büdcəsinə baxıram və soruşuram: ipoteka kreditləri verilməsi üçün vəsaitin daha da artırılması mümkün deyilmi? Mən çox xahiş edərdim, burada güzəştli təbəqələr müəyyənləşdirək ki, bundan insanlar yararlansınlar. Ölkəmiz üçün vacib olan sahələr var. Məsələn, əmək haqları daha az olan müəllimlərin, ön cəbhədə dayanan bizim hərbiçilərin, yaxud da həyatını elmə bağlayan aspirantlarımızın güzəştli şərtlərlə ipotekadan yararlanması, mənzil problemlərini həll eləməsi çox mühüm məsələdir.
Mən ölkədə ətrafında böyük işlər görülən enerji məsələləri ilə bağlı sözüm var. Bu gün artıq “Sahdəniz” layihəsi reallaşır. Mən kənd rayonunu təmsil edən millət vəkiliyəm. Seçicilərimin xahişlərini çatdırmaq istəyirəm. Burada hökumətin digər üzvləri də öz fikirlərini açıqlasalar, yaxşı olar. “Azəriqaz”ın rəhbərliyi də bəlkə bu məsələyə öz münasibətini bildirər. 2008-ci ildə Azərbaycanın rayonlarının, kəndlərinin qazlaşması başa çatacaqmı? Yəni kəndlərdə insanlar qaz ala biləcəklərmi? Bu sualın daim səslənməsi normal bir haldır, çünki kəndlərdə yaşayanları adı çəkilən infrastruktur çox maraqlandırır. Mən “Azəriqaz”ın rəhbərliyinə dəfələrlə zəng çalıb xahiş etmişəm. Deputat kimi təmsil olunduğum Tovuz rayonunun Ermənistanla 73 kilometrlik sərhədi var. Sərhədyanı kəndlərin qazlaşması məsələsində mən onun dəstəyini istəyərdim.
Bu gün ölkəmizdə bölgələrin inkişafına xüsusi önəm verilir, amma onların içərisində, mənim düşüncəmə görə, ən vacib məqam Azərbaycanın Ermənistanla sərhədlərində, cəbhənin təmas xəttində yerləşən kəndlərə xüsusi diqqət yetirilməsidir. Bir məsələ var ki, Ermənistan silahlı qüvvələri atəşkəsi daim pozur, su gələn kanalların, xətlərin qarşısını kəsirlər. İnsanların orada yaşayışı çox çətindir. Hər hansı bir infrastruktur layihələrinin həyata keçirilməsi müəyyən güzəştlərin edilməsi sahəsində hökumətin fikri nədir? Mən düşünürəm ki, ilk növbədə bu istiqamətdə işləri daha da sürətləndirmək lazımdır. Bu, ölkədə aparılan sosial-iqtisadi siyasətin tərkib hissəsi olaraq vacib sayılır. Həmin kəndlərdən o tərəfdə Ermənistanın kəndləri yerləşir. Onlar bizim kəndlərimizin sürətli inkişafını görməli və bizdən çəkinməlidirlər. Təbii ki, bu, çox vacib məsələlərdən biri olardı.
Bir məsələyə də toxunacağam. Bələdiyyələrə ayrılan vəsait keçən illə təxminən eyni həcmdə qalıb. 3,5 milyon manat məbləğin dəyişilməməsinin səbəbi nədir? Biz başa düşürük ki, hökumət, dövlət daha çox bələdiyyələri özünümaliyyələşdirmə mənbələri axtarmağa yönəldir. Hamımız reallığı bilirik ki, bu sahədə hələ nəticələr arzu olunan səviyyədə deyil. Bələdiyyələrin üzərinə xüsusi ilə kəndlərdə çox böyük yük qoyuruq. Yolların düzəldilməsi, abadlıq, hansısa təmir işləri və sair işlərə xərclərin sərfi vəsait çatışmazlığına gətirib çıxarır. Mən xahiş edərdim, bu məsələ nəzərə alınsın. Niyə bu belə qalıbdır? Bunu artırmaq imkanları hansı şəkildə mümkün ola bilər? Elmə xərclərin artırılmasını, təbii ki, millət vəkillərinin çoxu, biz hamımız xahiş edirik. Əmanətlərin qaytarılması ilə bağlı müzakirələr davamlı gedir. Seçicilərimiz də bizə bu barədə tez-tez suallar verirlər. Bəlkə konkret bir izahat vermək olardı ki, əmanətlərin qaytarılması ilə bağlı hökumətin siyasəti nədən ibarətdir? Bu, məlum olsaydı, biz də daha açıq şəkildə həmin məsələni seçicilərimizlə müzakirə edə bilərdik. Mənim vaxtım başa çatır, sonda xahişim ondan ibarətdir ki, şəxsən cənab Prezident mənim millət vəkili seçildiyim Tovuz rayonunda olanda gənclər siyasəti ilə bağlı “Gənclər evi”nin yaradılmasını çox vacib məsələlərdən biri kimi irəli sürmüşdür. Onun tikintisi ilə bağlı hansı işlərin görüləcəyi planlaşdırılırmı? Sağ olun.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri və hökumət üzvləri! Biz gündəlik həyatımızın ən vacib qanunlarından birini müzakirə edirik. Dövlət büdcəsi haqqında söylənilən hər bir fikir çox vacib və əhəmiyyətlidir. Mən öz adımdan Samir müəllimə, Heydər müəllimə, Elman müəllimə və bütün bizim hörmətli hökumət üzvlərinə qanun layihəsini ətraflı, bənd-bənd, təqdim etdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu bizim üçün çox vacib olan bir məsələdir. Hesab eləyirəm ki, bugünkü müzakirələr hökumət üzvlərinə büdcədə lazım olan əlavələri, dəyişiklikləri etməyə köməklik göstərəcəkdir. Təbii ki, Qənirə xanım xarici siyasətlə bağlı bəzi məsələləri qeyd elədi. Biz komissiyamızda bu məsələləri, doğrudan da, müzakirə etmişik. Xarici siyasət və Xarici İşlər Nazirliyinin maliyyələşməsi məsələsindən danışmamışdan əvvəl mən bir suala cavab vermək istəyirəm. İqbal müəllim – bizim həmkarımız çıxış eləyəndə təhsil siyasətini çox kəskin tənqid elədi. Bu, hər bir deputatın öz mövqeyi, öz fikridir. Ancaq bir təhsil müəssisəsinin, universitetin rektoru kimi deməliyəm ki, son illərdə Azərbaycanda təhsillə bağlı islahatlar gözə görünən, məntiqli və sistemli qaydada həyata keçiriləndir.
Biz bu yaxınlarda cənab Prezidentlə Naxçıvanda olduq. Naxçıvan Dövlət Universitetinin yeni korpusunun açılışında iştirak etdik. Mən orada cənab Prezidentin sözlərini xatırlamaq istəyirəm. Çıxışında dedi ki, nəinki Avropa, hətta ondan da yüksək səviyyəli bir ali məktəbin yeni korpusunun açılışında iştirak edirik. Bundan başqa, respublikada tikilən orta məktəblərin binalarını xatırlayaq. Sonra, bu yaxınlarda İqtisad Universitetinin yeni korpusunun açılışının şahidi olmuşuq. Xarici Dillər Universiteti üçün yeni mərkəzlərin, korpusların açılışını burada qeyd edə bilərəm. Yalnız binalar tikilmir, təbii ki, bu, daha çox maliyyə tələb edən məsələdir, mahiyyət də dəyişir.
Azərbaycan bu saat baloniya sisteminin fəal iştirakçısıdır. İndi tələbə müəllimi seçir, onların fikri, konkret mövqeyi ilə universitetlərin rektorları, dekanları, müəllimləri hesablaşırlar. Ona görə, “ümumiyyətlə, heç bir islahat getmir” demək tamamilə düzgün deyil. Heç kim inkar edə bilməz ki, təhsil sistemində hansısa bir problem olmur. Hansı sistemdə problem yoxdur? Ancaq göz qabağındadır ki, məntiqli inkişaf, onun əsasında dayanan siyasət çox doğru və düzgündür.
Xarici siyasətlə bağlı Qənirə xanım tamamilə düz dedi, komissiyamızda geniş və ətraflı müzakirələrə xarici işlər nazirinin müavini hörmətli Vaqif müəllimi də dəvət etmişdik. Hörmətli Samir müəllim burada bəzi məlumatları dedi. Mən onları bir də təkrar etmək istəmirəm. Təsəvvür edin ki, bir neçə il bundan əvvəl Azərbaycanın xaricdə cəmi 26 səfirliyi və nümayəndəliyi mövcud idi. Bu gün onların sayı 55-ə çatır. Biz bu yaxınlarda Almaniyadan qayıtmışıq. Almaniyada səfirliyimizin işi çox yüksək səviyyədə qurulubdur. O cümlədən Fransada, yəni Parisdə bizim səfirliyimiz var. Strasburqda bizim nümayəndəliyimiz yerləşir. Azərbaycanın iqtisadi yüksəlişi ilə bağlı olan məsələləri görməmək düzgün deyil. Həyati əhəmiyyət kəsb edən bu məsələlərə, sizə deyim ki, o qədər də böyük vəsait ayrılmır, ancaq imkan daxilində bütün məsələlər öz həllini tapır.
Xaricdə olan bizim səfirliklərə, Samir müəllim burada qeyd elədi, özü-özlüyündə bəlkə də o qədər də böyük məbləğ olmasa da, 45 milyon manat pul ayrılıbdır. Müqayisədə fərq nədən ibarətdir? Fərq ondan ibarətdir ki, xarici siyasətə xüsusi diqqət yetirilməyə başlanıbdır.Biz komissiya iclasında bir məsələni dedik ki, təhsil, səhiyyə, ekologiya, sosial məsələlərlə bağlı, doğrudan da, respublikamızda böyük və vacib işlər gedir və büdcədə onlara dair ayrıca bölmələr var, xarici siyasətə aid isə yoxdur. Xarici siyasət bütün bölmələrin içərisində olan bir siyasətdir. Bu, özü-özlüyündə məntiqlidir, ancaq bu istiqamətə daha çox diqqət vermək məqsədəmüvafiq olardı.
İkinci, bu saat büdcəmizdə, ilk dəfə deyil, bir məsələyə respublikamızda və respublikamızdan kənar təşkil olunacaq tədbirlərə artıq xüsusi diqqət verilməyə başlanılıbdır. Azərbaycan bölgədə bir mərkəzə çevrilir. Bu saat hansısa bir beynəlxalq tədbiri, fikri, mövqeyi Azərbaycansız təsəvvür etmək mümkün deyil. Ona görə ölkədə və ondan kənarda Azərbaycanla bağlı tədbirlərə 3,2 milyon manat pul ayrılması çox düzgün və məntiqli bir siyasətdir.
Nəhayət, biz dəfələrlə bu haqda demişik və Maliyyə Nazirliyi onu qeyd edibdir. Biz əminik ki, o məsələ bu il öz həllini tapacaqdır. Azərbaycanın xaricdə, yalnız səfirlik səviyyəsində yox, evləri, rezidensiyaları, səfirliyimizin işçiləri üçün dövlət əmlakı mütləq olmalıdır. Çox sevindirici haldır ki, bu yaxınlarda biz bir məlumat almışıq, siz də hamınız xaricə gedirsiniz, görürsünüz, səfirliklərdə müxtəlif formada maşınlar var. Hər yerdə eyni cür olmalıdır. Bu məsələ hələ həllini tapmayıb, ancaq qərar qəbul olunub ki, səfirlərə mərkəzləşmiş şəkildə maşınlar ayrılacaq və buna da vəsait nəzərdə tutulubdur.
Mən xahiş edirəm, bir məsələyə də biz ciddi diqqət yetirək. Xaricdə olan səfirliklərə 45 milyon manat ayırdığımız halda, mərkəzi aparatın saxlanılması üçün cəmi 3,3 milyon manat proqnozlaşdırılıbdır. Qeyd olunduğu kimi, Xarici İşlər Nazirliyinin Aparatında 340 nəfər dilləri gözəl bilən, vətənini sevən diplomatlarımız işləyirlər. Onların orada saxlanılması, inkişaf etdirilməsi, hansısa başqa şirkətlərə yüksək maaş dalınca getməməsi naminə o maaşlar artırılsa, çox gözəl və məntiqli olardı. Bildiyimə görə, Xarici İşlər Nazirliyi sifarişlə 8,5 milyon manat üçün müraciət edibdir. Bu gün layihədə 3,3 milyon manat təsdiq olunmalıdır. Mən xahiş edərdim, hörmətli Samir müəllim bu məsələyə xüsusi diqqət yetirsin.
Dövlətimiz xarici siyasətin formalaşmasına çox ciddi yanaşır. Son illərdə bu istiqamətdə görülən işlər Azərbaycanın iqtisadi potensialını əks etdirən bir məsələdir. Ona görə ki, xarici siyasət özü-özlüyündə mövcud deyil. Xarici siyasət daxili siyasətin davamıdır. Bu gün biz Azərbaycanda iqtisadi yüksəlişi, sosial yönümlü büdcəni görəndə sevinirik. Azərbaycanın haqq sözü xarici siyasət yolu ilə xaricdə eşidilməyə başlayıbdır. Mən hesab edirəm ki, dövlət büdcəsi bizim işlərimizin gələcəkdə də yüksək səviyyədə təşkil olunmasına, şübhəsiz, imkan yaradacaqdır. Mən onun təsdiq olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri və media nümayəndələri! Mən də hesab edirəm ki, 2007-ci ilin büdcə yekunlarına həsr olunmuş bu müzakirələrdə bir sıra müsbət tendensiyalar qeyd olundu. Mən bu tendensiyalara toxunmaq istəmirəm. Yəqin ki, bu barədə çox danışılacaq. Bizim əsas marağımız odur ki, gələn ilin büdcə layihəsi cəmiyyətimizin inkişafı üçün xeyirli olsun və nöqsanların aradan qaldırılması istiqamətində müəyyən faydalı, tənqidi fikirlərimizi burada səsləndirək. Beləliklə, müasir dövrün tələbinə cavab verən sektorların, eləcə də sənaye istehsalının hesabına büdcə artırılsın. Buna ancaq sevinmək olar.
Burada xeyli rəqəm sadalandı, amma büdcənin strukturuna diqqət etsək, öyünmək üçün ciddi bir əsas olmadığını görərik. Məndən əvvəl bəzi natiqlər də bir sıra məqamları qeyd etdilər. Neft gəlirlərindən asılılığı azaltmaq əvəzinə, əslində, biz bu büdcənin də neftdən asılı vəziyyətdə qalmasına qərar veririk. Hesab edirəm ki, Dövlət Neft Fondundan ayrılan daxilolmaların ötən ilə nisbətən 585 milyon manatdan çox, yəni bu il 1 milyard 100 milyon manata çatdırılması o deməkdir ki, gələcəkdə neft gəlirləri azalanda biz ya büdcəni kiçiltməliyik, ya da pensiyaları, əmək haqlarını kəsməliyik. Bununla da problemi həll etməliyik. Ona görə də indidən biz büdcənin qeyri-neft sektorunun və digər gəlirlərin hesabına formalaşmasına hazırlaşmalıyıq. Təəssüf ki, bunu müşahidə etmirik.
Bəzən özümüzü ümumi daxili məhsulun artım tempinə görə lider ölkə kimi qeyd edirik, amma qlobal rəqabətə, davamlılığa, korrupsiyanın vəziyyətinə görə başqa bir paradoksun şahidi oluruq. Məsələn, 1990-cı ildən sonra ümumi daxili məhsulun artım tempinə görə birmənalı olaraq inkişaf müəyyənləşdirilmir. Ondan başqa digər parametrlər də var. Məsələn, Qatar kimi neft ölkəsi də həmişə ümumi daxili məhsulun artım tempinə görə dünya ölkələri arasında ilk beşliyə daxil olur. Amma inkişaf indeksinə görə dünyanın aparıcı ölkələri sırasında heç vaxt yer tutmur. Bu parametrə görə, birinci növbədə, təhsil, səhiyyə, ekoloji vəziyyət və yoxsulluq kimi sahələrin də vəziyyəti qiymətləndirilir. Biz bu sahələrə diqqət etsək, ümumi daxili məhsulun artım tempi ilə yanaşı, görərik ki, çox ciddi problemlər var. Əgər bu gün Avropada orta ömür müddəti 80 yaşa çatırsa, Azərbaycanda bu göstərici 64 yaşdır. Bu, səhiyyədə olan vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Biz isə bundan çıxış yolu axtarmaq əvəzinə, səhiyyənin xərclərini 4,4 faizdən 3,9 faizə endirməklə çıxış yolu tapırıq. Halbuki bu sahəyə xərcləri bu qədər azaltmaqla onun daha bərbad vəziyyətə düşməsinə köməklik göstəririk.
Bizdə tez-tez belə bir rəqəm işlədilir ki, ölkədə 600 mindən çox iş yeri açılıb. Hesab edirəm ki, bu, müsbət haldır, əhalinin işlə təmin olunması, yoxsulluq səviyyəsinin azalması üçün vacibdir. Amma təəssüf ki, bunun büdcədə əksini tapması ilə bağlı müəyyən suallar ortaya çıxır. Qeyd edirlər ki, iş yerlərinin açılmasının 80 faizi regionların payına düşür. Bu da təqribən 480 min iş yeri deməkdir.
Maraqlı cəhət odur ki, büdcə daxilolmaları Bakıda 5 milyard manat həcmindədirsə, rayonlarda 190 milyon manatdır. Ölkənin iki böyük şəhərindən – Gəncə və Sumqayıtdan büdcəyə 37 milyon manat gəlir daxil olub. Bəs regionların iqtisadi inkişafının göstəricisi büdcədə necə əks olunmalıdır? Kimi inandırmaq olar ki, Mingəçevir və Əli Bayramlı kimi şəhərlərdən, yaxud Lənkəran və başqa şəhərlərdən büdcəyə 3,7 milyon manat vəsait daxil olur. Rayonların xərclərinin iki dəfə, bəzən üç-dörd dəfə gəlirlərdən artıq olması göstərir ki, hökumət nəyi harada inkişaf etdirmək barədə yalnız direktiv verir, bazarın tələblərini öyrənmir. Bu isə gələcəkdə iflasa apara biləcək addımların əsasını qoyur. Hər hansı bir müəssisənin nə üçün açıldığını əsaslandırmaq çətin olur. Təəssüf ki, bu, bazar prinsiplərinə görə həyata keçirilmir.
Digər bir vacib məsələlərdən biri də büdcədən sahibkarlığın inkişafına ayrılan 6,8 faiz vəsaitlə bağlıdır. İnvestisiya xərclərinə 2,8 milyard manat ayrılması nəzərdə tutulur. Bunun da əsas hissəsini tikinti layihələri əhatə edir. Nəzərə alsaq ki, bu proqramda 1500-dən çox investisiya layihəsi maliyyələşdirilir və bu məqsədlə 1,9 milyard manat vəsait sərf olunur, burada şəffaflığın təmin olunmasında ciddi problemlər ortaya çıxır. Biz elə etməliyik ki, sahibkarlığın və aqrar sektorun inkişafına yönələn faizlər yüksəlsin. 6,8 faizlə ölkədə özəl sektoru inkişaf etdirmək, yaxud sahibkarın vəziyyətini yaxşılaşdırmaq olar? Siz təsəvvür edin ki, büdcədən kənd təsərrüfatının infrastrukturuna 20 milyon manat ayrıldığı halda, nəqliyyat sistemində tikintiyə 604 milyon manat, obyektlərin tikintisinə 108 milyon manat vəsait ayrılır. Kənd təsərrüfatı məhsullarının çoxunu baha qiymətə xaricdən aldığımıza baxmayaraq, gələcəkdə bu problemin həll olunması istiqamətində addımlar atmırıq. Əvəzində bunu daha da mürəkkəbləşdiririk.
Məncə, bunun cavabı büdcə layihəsinə dair izahatın ikinci abzasında dəqiq verilibdir. Orada yazılır: “Büdcə layihəsi xalqın rifah halının yaxşılaşdırılmasını əsas götürməklə tərtib olunmuşdur”. Yəni sovet dövründə olduğu kimi, konkret kəndlinin, vətəndaşın, sahibkarın, insanın deyil, mücərrəd xalqın marağına görə tərtib edildiyi üçün bu fəsadlar ortada olacaqdır. Ona görə də müdafiə xərcləri bu qədər artırılır, amma zabit və gizirin gündəlik yaşayışında müsbət dəyişiklik yoxdur. Təhsil xərci artırılır, müəllim repetitorluqdan aldığı qazanc hesabına gündəlik yaşayışını təmin edir. Səhiyyə xərcləri artır, həkimlər isə dolanışıq qayğısındadır. Pensiyaçı dərman pulunu vermək üçün yeməyindən kəsir.
Çox maraqlı cəhətdir ki, müdafiə xərcləri ilə bağlı tez-tez fikirlər səsləndiririk. Ermənistanın dövlət büdcəsi 2,4 milyard dollar olduğu halda müdafiə xərclərinə 380 milyon dollar vəsait ayrılır, amma Ermənistanda zabitlərin və gizirlərin orta əmək haqqı Azərbaycanın zabitlərinin və gizirlərinin orta əmək haqqı ilə təqribən eynidir, yaxud da yüksəkdir. Gürcüstanda hətta azərbaycanlı zabit və gizirin aldığı orta əmək haqqından 100 dollar yüksəkdir. Əgər müdafiə xərclərində konkret zabit və gizirin, konkret insanın marağı təmin olunmursa, onda bunun hansı şəkildə vətəndaşın vəziyyətinin yaxşılaşdırılmasına xeyri ola bilər?
Burada bir tezisi də səsləndirmək istəyirəm. Çox hörmətli Prezident sonuncu tədbirdəki çıxışında qeyd etdi ki, tikintidə işləyən ən azı 200-400 manat maaş alır, ancaq bu rəqəm 50 manat göstərilir. Təbii ki, bu, vergidən yayınmaq üçün edilir, təqribən büdcəyə 100 milyon manata qədər ziyan vurulur. Çox maraqlıdır ki, həmin 100 milyon manat ziyan Prezident səviyyəsində qeyd olunsa da, irad bildirilsə də, biz Hesablama Palatasının rəyində və başqa sənədlərdə 100 milyon manatın hara getdiyini müəyyən edə bilmədik. Halbuki həmin 100 milyon manatla biz dəfələrlə qaldırdığımız bir məsələni həll edə bilər, əhalinin əmanətlərinin qaytarılması istiqamətində addım ata bilərdik. Düzdür, şəhərin gözəlliyi üçün asfalt da çəkmək, təmir də etmək, müəyyən işləri görmək də lazımdır. Amma birinci növbədə insanların ölməməsi üçün, onların illərlə əmanət banklarına yatırdığı gəlirlərin təzədən özlərinə qaytarılması üçün müəyyən tədbirlərin görülməsi istiqamətində hökumət tərəfindən konkret addımların atılması, hesab edirəm ki, daha vacibdir.
Vaxt darlığına görə biz bir çox məsələləri təhlil edə bilmirik. Hər halda mən hesab edirəm ki, bu büdcə layihəsində bir çox məqamlar diqqətdən qaçıb və onu konkret Azərbaycan vətəndaşının marağına yönələn büdcəyə çevirmək üçün müəyyən nöqsanların düzəldilməsi və qəbul edilməsi mümkündür. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Fazil bəy çıxışında əmanətlərin qaytarılması barədə fikir bildirən ikinci millət vəkilidir. Bu məsələ komissiyaların iclaslarında da müzakirə mövzusu olmuşdu. Mən əminəm ki, digər deputatlar da çıxışlarında bu məsələni qeyd edəcəklər.
Mən də istəyirəm ki, əmanətlərin qaytarılması mexanizmi olsun, onun üzərində işləyək və əmanətləri qaytaraq. Hökumət nümayəndələri, o cümlədən maliyyə naziri komissiya iclaslarında bu barədə öz fikirlərini söylədilər. Bu məsələni birdəfəlik konkretləşdirmək üçün təklif edirəm ki, işçi qrupu yaradaq, hökumət nümayəndələrinə biz də kömək edək, təkliflərimizi verək.
Hərdən deyirlər ki, bir çox ölkələrdə əmanətlər qaytarılıb. Heç də düzgün deyil. Qazaxıstan başladı, sonra yarımçıq qoydu, Ukrayna başladı, yarımçıq qoydu. Ona görə də bu məsələni birdəfəlik həll etmək üçün işçi qrupu yaratmalıyıq. Bizim Milli Məclisdə güclü iqtisadçılar var. Bəlkə biz də ağıllı fikir deyə bilərik, təklif verə bilərik. Bu məsələni saxlayaq. Məncə, hər dəfə bu məsələni təkrar etməyə lüzum yoxdur. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün biz ölkənin ən mühüm sənədlərindən biri olan dövlət büdcəsini müzakirə edirik. Məndən öncə bəzi həmkarlarım büdcə ilə bağlı tənqidi fikirlərini söylədilər. Mən də büdcə ilə tanış olandan sonra bu qənaətə gəldim ki, doğrudan da, büdcədə neft sektorundan gələn gəlirlər qeyri-neft sektorundan gələn gəlirlərdən daha çoxdur. Hökumətin bizə verdiyi büdcə layihəsində göstərilir ki, gəlirlərin 2 milyard 730 milyon manatı neft sektorundan, 2 milyard 270 milyon manatı isə qeyri-neft sektorundan daxil olur.
Əlbəttə, neft layihələrini hökumət gerçəkləşdirib. Doğrudan da, bu gün Azərbaycana çoxlu miqdarda neft pulları daxil olur. Amma burada bizim hörmətli nazirlərimiz çıxış etdilər. Onlar da bildirdilər ki, cənab Prezidentin onların qarşısında qoyduğu əsas vəzifə ondan ibarətdir ki, neft sektorundan gələn vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirsinlər. Amma büdcə ilə tanış olanda qeyri-neft sektorunun necə inkişaf etdirilməsi ilə bağlı bizdə aydın təsəvvür yaranmır. Mən büdcə ilə tanış olanda, habelə deputat həmkarlarımızla bu barədə söhbət edəndə elə bir təsəvvür yaranır ki, biz torpaqlarının 20 faizi işğal altında olan bir ölkə deyilik və qarşımızda duran əsas vəzifələrdən biri torpaqlarımızın azad olunması deyil. Sanki biz hansısa müsabiqəyə hazırlaşırıq və orada İrəvanla Bakı gözəllik müsabiqəsində yarışacaqlar.
Mən təmir-tikinti işlərinə büdcədən bu qədər vəsait ayrılmasını heç cür başa düşə bilmirəm. İki il bundan qabaq qoyulan elektrik dirəkləri bu il yenisi ilə dəyişdirilir. İki il bundan qabaq yerə döşənmiş daşlar bu gün yenisi ilə dəyişdirilir. Dövlət binalarında divara vurulmuş daşlar yenisi ilə əvəz olunur. Məndən öncə də qeyd olundu ki, abadlaşma işləri də görülməlidir, amma hazırda dövlətin əsas məqsədi bizim iqtisadiyyatımızın gücləndirilməsinə yönəldilməlidir.
Bir dəfə hörmətli həmkarım Siyavuş Novruzov obrazlı şəkildə müxalifəti Azərbaycanın uğurlarını görməməkdə, qərəzli olmaqda ittiham etdi və qeyd etdi ki, yeni obyektlərin açılış mərasimində kəsilən lentlərdən müxalifət nümayəndələrinə kostyum tikmək olar. Bəlkə də Siyavuş Novruzov bunu doğru deyir. Amma istehsal və emal müəssisələrinin açılışında kəsilən lentlərdən hörmətli həmkarım Siyavuş Novruzova heç qalstuk da çıxmaz. Ona görə mən bu fikirdəyəm ki, büdcədən daha çox vəsait istehsal müəssisələrinin, emal müəssisələrinin yaradılmasına, suvarma sistemlərinin çəkilməsinə yönəldilməlidir.
Keçən il büdcənin müzakirəsində mən məsələ qaldırdım ki, bu gün Tərtərdə, Goranboyda on minlərlə hektar torpaq sahəsi suvarılmır. Orada artezian quyuları qazmaq lazımdır. O zaman hökumət nümayəndələri bəyan etdilər ki, bu işlər nəzərdə tutulur və təbii suvarma yolu ilə həmin torpaqlar suvarılacaq. Axı, bu insanların yeganə qazanc yeri həmin əkin sahələri, torpaq sahələridir. Bu barədə bizim hökumət ciddi düşünməlidir.
Bundan başqa, çoxlu sayda vəsait, yəni 108 milyon manat vəsait idman obyektlərinin tikintisinə ayrılır. Amma vur-tut 28 milyon manat şəhid ailələrinə və yeni yaşayış evlərinin tikintisinə ayrılır. Mən günün birinci yarısında əmək və əhalinin sosial müdafiəsi nazirinə bir şəhid ailəsi ilə bağlı müraciət etdim. 14 nəfərlik ailə 40 kvadrat metrlik bir sahədə yaşayır. Bu gün yeni idman obyektlərinin tikintisi önəmlidir, yoxsa Qarabağ əlillərinə, şəhid ailələrinə mənzil tikintisini sürətləndirmək? Bu barədə düşünmək lazımdır.
Bundan başqa, orduya xərcləri artırmaq lazımdır. Mən hesab edirəm ki, büdcənin 43,4 faizi, qeyd etdiyim kimi, əsaslı vəsait və avadanlıqların alınmasına, təmir-tikinti işlərinə ayrılır. Bu məbləğ ən azı yarıbayarı azaldıla bilər. Həmin vəsait ordu quruculuğuna yönəldilə bilər. Bu gün burada qeyd olundu ki, Tərtərdə, Goranboyda dağın başında duran zabit yol polisinin serjantından az əmək haqqı alır. Yaxud bu gün bizim professorlar ali təhsili olmayan yol polisinin serjantından az əmək haqqı alırlar. Ali təhsil məktəblərinin müəllimlərinin əmək haqqı azı 2 dəfə artırılmalıdır və büdcənin buna imkanı var. Həmçinin zabitlərin də əmək haqqı artırılmalıdır.
Mən bilirəm ki, hərbi xərclərin artırılması ilə bağlı Azərbaycan hökumətinə böyük basqılar var. Əgər biz bu təzyiqlərdən çəkinib hərbi xərclərimizi artıra bilmiriksə, əgər danışıqlar bir nəticə verməsə, onsuz da vermir, sabah biz təzyiqlər qarşısında öz torpaqlarımızı azad edəcəyik. Mən bu barədə danışmaq istərdim.
Əmanətlər barədə Oqtay müəllim dedi. Sağ olsun. Mən hesab edirəm ki, bu məsələyə qayıtmamaq olar. İpoteka ilə bağlı hörmətli Qənirə xanım məsələ qaldırdı. İpoteka kreditləri üçün ayrılan vəsaiti artırmaq lazımdır. Xüsusi ilə aztəminatlı insanların mənzil problemi ölkədə kifayət qədər ciddi olaraq qalır. Elə insanlar var ki, ailə qura bilmirlər, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı var, amma bunu etmək mümkün deyil.
Müsbət hallardan biri ondan ibarətdir ki, nəhayət, hökumət artıq belə qərar qəbul etdi ki, hökumətin vəzifəsi təkcə iqtisadiyyatı inkişaf etdirmək yox, həm də Azərbaycanda mülki vətəndaş quruculuğu məsələsidir. Qeyri-hökumət təşkilatları üçün büdcədən vəsait ayrılması nəzərdə tutulub.
Dəfələrlə biz bu məsələləri qaldırırıq, amma siyasi partiyalar üçün büdcədən vəsait ayrılması nəzərdə tutulmur. Mən üzümü hökumət nümayəndələrinə tutub deyirəm, dövlət siyasi partiyalara sahib durmayanda onu hansısa ayrı-ayrı beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər maliyyələşdirir. Bu, dövlətçilik üçün heç də yaxşı hal deyil, əslində, təhlükəli bir haldır. Ona görə də hökumət bu barədə düşünməlidir.
Səhiyyəyə cəmi 3,9 faiz vəsait ayrılıb. Mədəniyyət birinci növbədə səhiyyədən başlayır. Ölkədə həkimlərin maaşı olduqca aşağıdır. Səhiyyəyə ayrılan vəsait artırılmalıdır. Son vaxtlar müəyyən müsbət işlər göz qabağındadır. Yeni poliklinikalar, xəstəxanalar, diaqnostika mərkəzləri tikilir. Amma bunlar kifayət deyil. Ümumiyyətlə, tibb sahəsində çalışan işçilərin əmək haqqının dəfələrlə artırılmasına ehtiyac var. Burada söhbət faizlə artırmaqdan getmir.
Elmə cəmi 64 milyon manat vəsait ayrılıb. Bu, ölkə büdcəsinin 0,8 faizini təşkil edir. Normal inkişaf etmiş ölkələrdə bu göstərici 4 faiz civarındadır. Amma bizdə 0,8 faizdir. BMT-nin belə bir şüarı var: “Yoxsulluğun həlli təhsilə qoyulan vəsaitdən keçir”. Biz nə qədər ki təhsilimizə, elmə kifayət qədər vəsait ayırmırıqsa, Azərbaycanda başqa sahələrin də inkişafından söhbət gedə bilməz. Sürətli inkişaf yolu keçmiş bütün ölkələrin təcrübəsinə baxanda aydın görünür ki, həmin ölkələr birinci növbədə iqtisadiyyatın inkişafına təhsildən başlayıblar. Təhsilə böyük miqdarda vəsait qoyublar və bir müddətdən sonra onun bəhrəsini görüblər.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Hörmətli vergilər naziri Fazil müəllim qeyd eləmişdi ki, bu məsələyə hökumət baxa bilər. Bu onunla bağlıdır ki, neft müqavilələri bağlanarkən neftin qiyməti təqribən 24-25 dollar idi. Amma indi neftin qiyməti 90 dollardan yuxarıdır, 100 dollara yaxınlaşır. Belə olduğu halda Azərbaycan hökuməti niyə neft müqavilələrinin şərtlərinə qayıtmır? Axı, neftin qiyməti 12 dollara düşsə idi, vaxtı ilə olub, onda mütləq neft şirkətləri bizdən tələb edəcəkdilər ki, müqavilənin şərtlərinə yenidən baxaq. Amma onlar bu qədər gəlir götürdükləri halda Azərbaycanda heç bir humanitar proqram, o cümlədən ekoloji proqram həyata keçirmirlər. Nəyə görə biz onları əlavə dəyər vergisindən, başqa digər vergilərdən azad etməliyik? Məncə, Azərbaycan hökuməti bu məsələyə qayıtsa, onların, heç olmasa, deməyə sözü olmaz. Yəni özünə hörmət eləyən şirkətlər, məncə, bununla razılaşarlar. Buna diqqət yetirmək lazımdır. Mənim vaxtım başa çatdı, sağ olun.
Sədrlik edən. Zahid Orucov, buyurun.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli Məclis və hökumət üzvləri! Mən hər kəs kimi büdcə layihəsi ilə bağlı qeydlərimi əvvəlcə etmişdim. Hamısını deyəcəyəm. Amma əvvəlcədən kənara çıxmaq istəyirəm. Biz sovet dövründə yaşamışıq. Mənim də yaş dövrümün bir hissəsi həmin vaxta düşüb. 1980-ci illərdə orta məktəb müəllimlərimdən biri belə bir fikir söyləmişdi. Doğrusu, unutmuşdum, amma hörmətli Rəbiyyət xanımın sayəsində onun müəllifini xatırladım. Valper deyir ki, Allah olmasaydı da, onu uydurmaq lazım gələrdi. Hərdən “neft amilini inkar etmək lazımdır” deyənlər məni bu sözü deməyə vadar etdilər. Biz “neft amili”ni nəinki inkar etməli deyilik, ona daha çox söykənməliyik və hətta olmasa idi, onu axtarıb tapmalı idik.
Dünyanın bir çox ölkəsinin neft resursları var, müsbət mənada karbohidrogen ehtiyatlarını ölkənin iqtisadi, siyasi, biosiyasi maraqlarının, həmçinin təhlükəsizlik maraqlarının elementinə çevirən məhz bu hakimiyyətdir. Ona görə də heç kim düşünməsin ki, bu resursları ölkənin büdcə proseslərinə kimlərsə qoşa bilərdi. Ona görə də mən bu mövzu ilə bağlı kiminsə alver etməsini istəmirəm.
Büdcə layihəsinin müzakirəsini qiymətləndirərkən, birincisi, sənədin informatik tutumunu qeyd eləmək istəyirəm. Bu, ötən illərin iqtisadi proseslərini qiymətləndirməyə imkan verir və gələcək haqqında dəyərli analizlər çıxarmağa bizə əsas yaradır. Yadınıza salmaq istəyirəm, Azərbaycanın yaxın müstəqillik tarixində biz bütöv bir ili büdcəsiz yaşamışıq. Yalnız ilin sonunda formal sənədi büdcə layihəsi kimi qəbul ediblər. Mən ən vacib nailiyyət kimi onu qeyd edirəm ki, Azərbaycanın özünün iqtisadi inkişaf modeli var. Bu nə Malayziyanın, nə Yaponiyanın, nə də hər hansı bir MDB ölkəsinin iqtisadi modelinin təkrarı və ya köçürməsidir.
Mən qeyd etmək istəyirəm ki, Azərbaycan beynəlxalq iqtisadi layihələr savaşını udub. Bayaq dediyim kimi, bu, onun digər maraqlarına da sərf eləyir. Azərbaycanın maliyyəsi təkcə ölkə sərhədləri daxilində deyil, beynəlxalq bazarlara da çıxış imkanı əldə edib. Bəlkə Azərbaycanın keçmişində bunu ağla gətirmək çox çətin olardı. İndi bizim vəsaitlərimiz investisiya kimi xarici ölkələrin iqtisadi həyatında iştirak etməkdədir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan bu illər ərzində özünün iqtisadi müstəqilliyini məhz ulu öndərin baxışlar sisteminə əsaslanaraq qoruya bilib. Bu çox vacib məsələdir. 1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını hələ də böyük nailiyyət kimi qeyd edirik, amma çıxarılan qoşunlar gedib Qarabağdan üzü bəri geriyə qayıtdılar. Yaşadığımız həmin illərdə Azərbaycan nefti beynəlxalq bazarda itkilərdən yaxa qurtara bildi. Rusiyanın neft amilini iqtisadi yox, siyasi təsir, təzyiq alətinə çevirməsindən Azərbaycan qurtuldu. Bu, iqtisadi müstəqilliyimizin ən mühüm göstəricisidir. Başqa iqtidarlar bunu həddən artıq öyər və bu bəyanatdan da Azərbaycana xeyli ziyan dəyərdi. Amma indiki hakimiyyət xeyli sakit dayanır.
Mən belə hesab edirəm ki, bu hakimiyyətdə orta təbəqənin müəyyən zümrəsi yaranıb. İndi çoxları bu təbəqəni müxtəlif parametrlərlə hesablaya bilər. Bircə əmsal üzərində Azərbaycanda orta təbəqənin, müəyyən bir toplunun yarandığını göstərməyə çalışacağam. Azərbaycanda 600 mindən artıq şəxs nəqliyyat sahibidir. 4 nəfər ailə üzvündən hesablayanda 2 milyon yarıma yaxın bir təbəqə, mənim anlamımca, bazar iqtisadiyyatının streslərinə, iqtisadi dəyişikliklərə hazırdır. Baxın, 2007-ci il yanvarın 8-də qiymətlərin islahatından, enerji daşıyıcılarının qiymətinin qalxmasından sonra enerji daşıyıcılarının hərəkəti azalıbmı, yoxsa artıbmı? Görəcəyik ki, artıb. Bütün bunlardan sonra mən bir sıra məsələlərlə bağlı çıxış eləmək istəyirəm. Burada elm xərclərindən danışıldı. Yazıqlar olsun ki, bizdə, həqiqətən, elmə dayanan layihələr büdcənin formalaşmasında fəal iştirak eləmir. Elə bunun nəticəsidir ki, onlara olan ayırma da 0,8 faizdir. Mən alimlərin maliyyələşməsini təklif eləmirəm. Əlbəttə, bu da lazımdır. Amma mən elm tutumlu layihələrin maliyyələşdirilməsini təklif edirəm. Hesab edirəm ki, bu vəsait qayıdandır. Cənab Prezident də dəfələrlə qeyd edib ki, biz neft resursunu və ya iqtisadi resursu məhz insan kapitalına çevirmək istəyirik. Mənə elə gəlir ki, ən yaxşı yol budur.
Mən təhsillə bağlı olan məsələlərə toxunmaq istəyirəm. Əminəm ki, dediyim fikirlərdən heç bir halda hörmətli Misir müəllim guya mənim narazılığımın olması barədə nəticə çıxarmayacaq. Şəxsən mənim ona çox böyük hörmətim var. Amma ötən illər ərzində yerli icra orqanlarının təhsil sahəsinə müdaxiləsi Azərbaycanda görünməmiş hal alıb. Bütün hallarda təhsil siyasətinin son nəticəsi 10 illik qəbulla ölçülür. Mən indi həmin qəbulun nəticələrini sizə çatdıracağam və görəcəksiniz ki, təhsil sektoru Azərbaycan büdcəsinin 8,1-ni istehlak elədiyi halda ölkənin büdcəsinə nəyi qaytara bilir? Baxın, görün, bununla müstəqil Azərbaycanın kadr korpusunu formalaşdırmaq olarmı? Məsələn, 2004-cü ildə 126 min məzun olub, onun təxminən 90 mini abituriyent kimi, sənədlərini ali məktəbə təqdim edib. Demək, 36 min nəfər bu prosesdən kənarda qalıb. Mən hələ 200 və 500 arasında bal toplayıb və müsabiqədən keçməyənləri bura əlavə etmirəm. Bunu 10 ilə vuranda çox böyük rəqəm eləyir.
Mən sizə açığını deyim ki, bunu elə-belə 10 ilə vurmamışam. “Abituriyent” jurnalında olan nəşrləri müəyyənləşdirmişəm. Baxmışam ki, 850 dövlətin təhsilə qoyduğu bu boyda investisiyaya, yeni məktəblərin tikintisinə, habelə 100 yaxşı tələbənin müəyyənləşdirilməsinə, xaricdə təhsil alan 5000 tələbənin maliyyələşdirilməsinə baxmayaraq, 850 minə qədər şəxs savadsızdır. Rusiyanın hərbi elitasının bir təmsilçisi qəzetlərin birində çıxış eləmişdi ki, Rusiyada 34 faiz hərbçi tərcümeyi-halını səhvsiz yaza bilmirlər və məni bu rəqəm çox ciddi şəkildə narahat edir. İnanın, mənim burada heç bir qərəzim ola bilməz. Mən bircə rayonun timsalında bunu demək istəyirəm. Bayaq bir rayonun timsalında dedim. Məsələn, Lənkəran rayonunu götürək. Başqalarını da deyə bilərdim. 2004-cü ildə həmin rayonun 3545 nəfər məzunu olub. Digər rayonlarda da rəqəmlər buna yaxındır. Bunların 1019-u sənədlərini ali məktəblərə verib, 2500 nəfər isə artıq kənarda qalıb. Abituriyentlərdən 44 faizi, yəni 454 nəfəri 100-dək, 26 faizi isə 100-200 arasında bal toplayıb. Demək, 3500 nəfərdən 3250-si 200 baldan az nəticə göstərib. Bərdədə bu göstərici 65 faizdir. Ona görə də çoxlu sual yaranır.
Bəlkə məcburi təhsildən imtina eləyək. Əgər 10 il ərzində pedaqoji kollektivin səyinin nəticəsi 200 baldırsa, doğrudan da, bu qədər vəsait xərcləməyə dəyərmi? Bunun fonunda bizim cəmi 1668 doktorumuz, təxminən 8605 elmlər namizədimiz var. Alimlər qocalır, gənc nəsil isə həmin estafeti qəbul edə bilmir. Hörmətli Misir müəllim də bu problemləri qeyd etmişdi. Mən əminəm ki, 2008-ci il prezident seçkilərindən sonra məhz attestasiyadan başlamaq lazımdır. Bu mənim şəxsi fikrimdir. Çünki islahatı məhz peşəkarlar başlayacaq.
Kənd təsərrüfatı ilə bağlı, burada qeyd olunduğu kimi, xarici bazarlara həssas reaksiya verməmək üçün bir çıxış yolumuz var. Cənab Prezident dəfələrlə qeyd eləyib. Bu, kənd təsərrüfatı sektorunun güclü inkişafı ilə bağlıdır. Başqa halda yenə də xaricdən daha çox məhsul idxal edəcəyik. Burada deyildiyi kimi, 2006-cı ildə ərzaq məhsullarının idxalı və ixracı müvafiq olaraq 10,6 və 5,1 faizdir. Yəni iki dəfə idxal artıqdır. Təbii ki, xarici bazarda qiymətlər qalxacaq. Bircə epizodu da deyim. Quba bağlarından 1000 ton alma istehsal olunur. Quba sakini 42 kiloqramlıq alma yeşiyini 12 manata satır. İndi hesablayın, almanın kiloqramını vətəndaş neçəyə istehsal eləyir? Bazarda vəziyyət necədir?
Mən hesab edirəm ki, seçki ilində bu danılmazdır. Seçki ilində kifayət qədər populist vədlər meydana çıxacaq, çünki 6,7 faiz işsiz, 20 faiz yoxsulumuz var. O cəhətdən düşünürəm ki, bu büdcənin gedişində daha ciddi, əlavə korrektələr də olacaq. Bütövlükdə əminəm ki, bu büdcə ilə Azərbaycan Prezidenti udacaq.
Sədrlik edən. Çox sağ olun, Zahid müəllim. Asəf Hacıyev, buyurun.
A. Hacıyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Təqdim olunan büdcədə verilən rəqəmlər, sözsüz ki, Azərbaycanın inkişafını bir də təsdiq eləyir. Ümumi daxili məhsulun artması, yeni iş yerlərinin açılması, eyni zamanda, rüsumların aşağı endirilməsi, pensiyaların artırılması büdcənin sosialyönümlü olduğunu təsdiqləyir.
Mən çıxışımda bir neçə məsələyə toxunmaq istəyirəm və elm məsələlərindən başlamağı məqsədəuyğun sayıram. Əgər rəqəmlərə nəzər salsaq, görərik ki, 2007-ci ildə elmə ayrılan vəsait 37 milyard manat təşkil edirdi. 2008-ci ildə isə 64 milyard manat nəzərdə tutulub. Yəni rəqəmə görə təşəkkürdən başqa söz tapmaq mümkün deyil. Doğrudan da, artım çox böyükdür. Məsələn, 2007-ci ildə əmək haqqına 4,5 milyon manat ayrılıbsa, 2008-ci ildə 6,1 milyon manat nəzərdə tutulur. Bunlar sevindirici rəqəmlərdir. Amma şəxsən mən bu formada elmə vəsaitin ayrılmasının qəti əleyhinəyəm. Nə üçün? Baxaq, nə baş verir? Vəsait verilir, heç kim diqqətdən kənarda qalmır. Dövlət bu vəsaiti ödəyir, amma bunun müqabilində nə alır? Yalnız SSRİ kimi dövlətdə israfçılığa yol vermək olardı. Bəlkə də SSRİ-nin dağılmasının səbəblərindən biri də israfçılığa yol verilməsi idi. Hesab edirəm ki, dövlət elmə ayırdığı pulu ciddi nəzarətdə saxlamalıdır. Ən azı əgər elmə artım olubsa, bu artımlar qrant şəklində və proqramlar üzrə verilməlidir. Mən təklif edərdim ki, dövlət səviyyəsində ya ölkə Prezidentinin, ya da Baş nazirin yanında bir fond təşkil olunsun. Məsələn, Rusiyada belə bir fond var. Məncə, əlavə verilən vəsaitlər məhz həmin fonddan ya proqramlar, ya da qrantlar üzrə verilməlidir. Bu şəkildə vəsaiti elmə ayıranda Elmlər Akademiyası, elmi müəssisələr kurorta çevrilir. Çünki işləyən də, işləməyən də eyni maaş alır. İndi rəqəm artıb.
Dünya ölkələri ilə müqayisədə bir elmi işçiyə nə qədər pul ayrılır? Avropada bu rəqəm təxminən 100-150 min dollar təşkil edir. Azərbaycanda bu rəqəm azdır. Təbii ki, mən bizdə də 150 min dollar, yaxud 150 min manat ayrılmasının qəti əleyhinəyəm. Çünki elm və təhsil elə bir konservativ sahədir ki, orada belə bir addıma yol verilə bilməz. Hər şey pillə-pillə, addım-addım olmalıdır. Ona görə də biz neyləməliyik? Bu vəsaitlər proqramlar üzrə, yaxud qrant şəklində ayrılmalıdır. Yalnız onda çalışan alimlərin maaşı yüksək olacaq, çalışmayanlar isə minimum əmək haqqı alacaqlar. Gec-tez görəcək ki, onun işi deyil, Elmlər Akademiyasını, elmi müəssisəni tərk edəcək.
Bu yolu artıq bütün Şərqi Avropa ölkələri keçib. Gəlin, qonşu Rusiyaya baxaq. Rusiyada bu siyasət həyata keçirilib. Rusiya Elmlər Akademiyasında elmi işçinin orta aylıq maaşı 1000 ABŞ dollarına bərabərdir. Baxın, necə gözəl nəticə verib. Ona görə biz də elmdə bu addımı atmalıyıq. Digər tərəfdən, müxtəlif ölkələrdən dəvət olarsa, əlavə iş görülərsə, əlavə qazanc əldə etmək olur. Amma avadanlıq üçün vəsaiti qıraqda qazanmaq qeyri-mümkündür. Söhbət 1-2 manatdan getmir, söhbət 100 min manatdan, bəzən bir neçə milyon manatdan gedir. İndi baxın, görək, Azərbaycanda nə baş verir? 2007-ci ildə inventar və avadanlıq alınması üçün 961 min manat sərf olunmuşdur. 2008-ci ildə 6,5 milyon manat nəzərdə tutulub. Çox fantastik bir rəqəmdir. Amma gəlin, baxaq. Avadanlığa ancaq 189 milyon manat ayrılır, 5,8 milyon manat isə digər alışlar üçün nəzərdə tutulur. Bəlkə səhv olub, avadanlığa 5,8 milyon manat, digər alışlara isə 189 milyon manat ayrılmalıdır. Ona görə mən istərdim ki, hörmətli Samir müəllim çıxışında bu məsələyə diqqət yetirsin. Burada anlaşılmazlıq var.
Bir məsələyə də toxunmaq istəyirəm. Bir vaxt Azərbaycanda dövlət mükafatı olub. Məqsədəuyğun olardı ki, bu mükafat Heydər Əliyevin adını daşısın. Mənə elə gəlir ki, bu gün elmdən başqa digər sahələrdə mükafatlar var. Başqa ölkələrdə də dövlət mükafatı var. Bunu elm sahəsində də bərpa eləmək lazımdır.
Təhsil haqqında da bir neçə kəlmə demək istəyirəm. Bu gün təhsilə 1 milyard manata yaxın, yəni 961 milyon manat vəsait ayrılıb. İndi baxaq, bizim tələbələrimiz lazımi səviyyədə hazırlanırmı? Lazım olan keyfiyyət varmı? Dünyanın 50 aparıcı universitetləri arasında ilk 15 yeri Amerika Birləşmiş Ştatları tutur. Orada bir tələbənin hazırlanmasına 20 min dollar pul xərclənir. İnkişaf eləmiş Avropa ölkələrində bu rəqəm 8-12 min dollar arasında dəyişir. Azərbaycanda bu rəqəm 1130 manat, təxminən 1500 Amerika dollarıdır. Biz də o qədər vəsait artırmalıyıq? Xeyr. Hesab edirəm, burada belə bir yol tutmalıyıq. Əvvəlcə, universitetlərin reytinqini keçirməliyik. Məqsəd həmin universitetdə hansı tanınmış alimlərin işlədiyini, hansı elmi məqalələrin çap olunduğunu müəyyənləşdirməkdir. Beləliklə, Azərbaycanda olan ali məktəblərin reytinqi ortaya çıxacaq. Ondan sonra vəsait ayrılanda reytinqi yüksək olan universitetlərə daha çox vəsait ayırmaq lazımdır. Onda universitetləri də müqayisə edə biləcəyik. Biləcəyik ki, harada keyfiyyətli tələbə hazırlanır. Hesab edirəm ki, təhsilimizin səviyyəsini qaldırmaq üçün biz bu yolla getməliyik.
Bir də mənim üçün çox əziz olan Gəncə şəhəri haqqında danışmaq istəyirəm. Gəncədə yüksək inkişaf gedir. Gəncəyə gələn hər bir şəxs bunu açıq-aydın görür. 2007-ci ildə Gəncə şəhərinin büdcəsi 33 milyon manat idi. 2008-ci ildə 38 milyon manat nəzərdə tutulur. Artım 15 faizdir. Bəlkə belə məsləhətdir. Amma bu gün Gəncədə xəstəxanaların və məktəblərin təmirinə böyük ehtiyac var. Xəstəxanalar və məktəblər bərbad vəziyyətdədir. Ona görə hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Heydər Əliyev Fondu bir məktəb tikdi, birini də təmir elədi. Amma hesab edirəm ki, hökumət səviyyəsində də bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Sonda bir məsələyə də toxunacağam. Biz burada vaxtı ilə “Diplomatiya haqqında” Qanun qəbul elədik. Orada nəzərdə tutulur ki, xaricdə yaşayan diplomatlarımız ölkəyə qayıdanda əşyalarını ölkəyə gətirə bilərlər. Bu gün Azərbaycanın vətəndaşları nəinki diplomatik korpuslarda, hətta müxtəlif beynəlxalq təşkilatlarda çalışırlar. Onları da dövlət göndərib. Mənə elə gəlir ki, artıq bu məsələ nəinki diplomatlara, hətta onlara da şamil olunmalıdır. Səfirlikdə işləyən hər bir Azərbaycan vətəndaşı ən azı orada 3 il işləyibsə, müxtəlif əşyalar alır. Onları satmaq mümkün deyil. Gətirəndə də elə bir rüsum qoyulur ki, gətirməyin mənası olmur. Onlar da həmin əşyaları atmağa məcburdurlar. Bunun qarşısını almaq üçün bu məsələyə də aydınlıq gətirilməlidir.
Bir məsələyə də toxunacağam. Diplomatik korpusda işləyənlər tərəfindən çoxlu şikayət gəlir. Əşyaları gətirəndə onlara deyirlər ki, hansı pula almısan? Niyə onu bu gün yox, dünən almısan? Bu məsələlər də aradan qaldırılmalıdır.
Çıxışımın sonunda demək istəyirəm ki, büdcə çox yaxşı təqdim olunub. Ümumiyyətlə, artıq bu, ənənəyə çevrilib. Keçən il də çox gözəl formada təqdim olunmuşdu. Bu il də həmin ənənə davam etdirilib. Bu da hamımızı sevindirir. Mən büdcəyə səs verəcəyəm və hamını da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Asəf müəllim. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Birmənalı qeyd etmək mümkündür ki, bu ilin dövlət büdcəsinin nəticələri, proqnozları 2007-ci ilin nəticələri üzərində qurulub və növbəti il üçün yaxşı bir bünövrədir.
Bu gün müzakirələr və fərqli fikirlər əsas iki məqam üzərində qurulmuşdur. Birincisi, iddia olunur ki, qeyri-neft sektoruna neftdən gələn gəlirlərin artımı düzgün bölüşdürülməmişdir. İkincisi isə daha vacib məsələdir. Bu, şəffaflıq məsələsidir. Mən burada həmkarım Zahid müəllimlə tamamilə razıyam. Biz istəsək də, istəməsək də neft amili bizim iqtisadiyyatda var. Belə də olmalıdır. Əslində, biz bundan qürur duyuruq. Neft Allahın bizə bəxş etdiyi bir nemətdir. O da Allahdan olub ki, tarixin sınaq dövründə Heydər Əliyev kimi bir insan Azərbaycana rəhbərlik edib. Nəinki neft strategiyasını, eyni zamanda, onun əlverişli tranzit strategiyasını həyata keçirməklə bütövlükdə Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirilmişdir.
Ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun payının növbəti ildə 90 faiz olması bu mübahisələrə son qoymalıdır. Yəni aydın məsələdir ki, büdcənin formalaşmasında neftdən gələn gəlirlər xüsusi rol oynayır və büdcədə öz əksini tapır. Amma ümumi daxili məhsulun strukturunda qeyri-dövlət sektorunun payının artmasına millət vəkillərimiz fikir verməlidirlər.
Büdcənin təxminən 30 faiz xərcləri sosialyönümlüdür. Bu çox müsbətdir. İlk dəfə qanun layihəsində qeyri-hökumət təşkilatlarına maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulub. Bu da təsadüfi deyil və ölkə Prezidenti tərəfindən vətəndaş cəmiyyətinin formalaşdırılmasında müsbət bir addımdır. Vətəndaş cəmiyyəti də öz növbəsində büdcəyə ictimai nəzarətin bir formasıdır. Bütövlükdə büdcə layihəsi infrastrukturun yenidən qurulması istiqamətinə yönəlib. Bu çox müsbətdir və sosialyönümlüdür. Ən başlıcası ondan ibarətdir ki, son dövrlər və xüsusi ilə indi təqdim olunmuş büdcədə hökumətin iqtisadiyyata müdaxiləsi getdikcə azalır. Hökumət, sadəcə, tənzimləyici rol oynamağa başlayır. Bu da bazar iqtisadiyyatında çox mühüm bir məsələdir.
2008-ci ilin dövlət büdcəsində investisiya proqramları əvvəlki dövrlərdən fərqli olaraq şəffaf göstərilmişdir. Burada Hesablama Palatasının sədri də düzgün olaraq qeyd etdi ki, nəhayət, dövlət büdcəsi layihəsində cari xərclərlə bağlı müddəalar artıq şəffaf göstərilməyə başlanmışdır. Bu da bəzən meydana çıxan söhbətlərə son qoyur.
Regionların tarazlı inkişafı ölkə Prezidenti tərəfindən qarşıya qoyulmuş ən mühüm vəzifələrdən biridir. Hər halda məqsəd və niyyət bundan ibarətdir. Nə dərəcədə buna nail oluruq, bu başqa məsələdir. Amma bir faktı diqqətə çatdırmaq istəyirəm. Bu yaxınlarda cənab Prezident Yevlax rayonunda səfərdə oldu və həmin səfəri hamımız müşahidə etdik. Yevlax rayonunda bu il ümumi daxili məhsulun artımı 50 faizdən də çox olub. Yəni ümumilikdə respublikada yüksək göstəricidir. İstehsal olunan malların 60 faizdən çoxu xaricə yönəlir. Hesab edirəm ki, bu, neft amilini önə çəkən həmkarlarım üçün çox maraqlı bir fakt olmalıdır. Regionların tarazlı inkişafı qarşıda duran ən mühüm bir məsələdir. Çox zaman regionlara eyni vəsait ayrılmasına baxmayaraq, təəssüf ki, bəzən nəticələr fərqli olur. Bu baxımdan hesab edirəm ki, Maliyyə Nazirliyi, onun qurumları maliyyə nəzarətini daha da gücləndirməlidir. Regionlara dotasiyaların ayrılması prosesi səngiməlidir.
Həmkarlarım son dövrdə həyata keçirilən abadlıq, quruculuq və təmir işlərində israfçılığa yol verilməsi ilə bağlı iradlarını bildirirlər. Məncə, bu məqam üzərində hökumət üzvləri ciddi düşünməlidirlər. İlk növbədə müvafiq dövlət orqanları özlərinin həyata keçirdikləri layihələri cəmiyyətə şəffaf təqdim etməlidirlər. Təəssüf ki, nəinki həyata keçirilən layihələrlə bağlı, hətta dövlət orqanlarının fəaliyyəti ilə bağlı internet saytlarında belə ətraflı məlumat yoxdur. Halbuki bu məsələ onların üzərinə bir öhdəlik kimi qoyulub. Şəffaflığın olmaması isə müəyyən iradlara gətirib çıxarır.
Cənab Prezident tərəfindən qarşıya qoyulmuş vəzifə müasir beynəlxalq standartlara uyğun layihələrin həyata keçirilməsidir. Amma müasir standart israfçılıqla müşayiət olunan layihələr demək deyil. Müasir standart, ilk növbədə, sadə, gözəl və uzun illərə hesablanmış layihələrin həyata keçirilməsidir. Ona görə də bu sahədə meydana çıxan iradları ciddi qəbul etmək lazımdır. Əgər tutarlı cavablar varsa, bunları təqdim etmək lazımdır. Yenə deyirəm, ilk növbədə, şəffaflığı təmin etməklə, bunu cəmiyyətə təqdim etməklə həmin iradların qarşısını almaq mümkündür.
Hər dəfə olduğu kimi, seçki öncəsində həkimlərin, müəllimlərin sosial vəziyyəti, ümumiyyətlə, bu sahəyə ayrılan vəsait müzakirə predmetinə çevrilir. Məncə, bu məsələnin mümkün həlli yolu ondan ibarət ola bilər ki, müəllimlərin və həkimlərin statusu qanunla müəyyənləşdirilsin, onların maddi təminatı, sosial təminatları nəzərə alınsın. Əks təqdirdə müəllimlər və həkimlər hər dəfə müəyyən siyasi polemikalarda istifadə olunurlar.
Son altı-yeddi il ərzində büdcənin 8-10 dəfə artımı artıq ölkəmizin inkişaf edən ölkələr sırasına daxil olmasını göstərən bir amildir. Əlbəttə, büdcə çox müsbətdir və son illər də onun təqdimatında yeniliklər var. Bu da çox mühüm haldır. Mən büdcəni təqdir edirəm və millət vəkillərindən ona səs vermələrini xahiş edirəm. Ölkə Prezidenti tərəfindən müəyyən olunmuş bu siyasətin həyata keçirilməsində hökumətin qarşısında duran əsas vəzifə isə büdcəni şəffaf icra etməkdir. Bu işdə sizə uğurlar arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli Məclis, hörmətli hökumət üzvləri! Günün axırında danışmaq o qədər də arzu olunan deyil. Amma mən də bir neçə fikrimi sizinlə bölüşmək istəyirəm. Mən də hesab edirəm ki, büdcə artdığı kimi, onun təqdimatı da ildən-ilə təkmilləşir. Burada çıxış edən hökumət üzvlərinin peşəkarlıq səviyyəsinin ildən-ilə artması, bu məsələyə daha məsuliyyətli yanaşmaları bizi sevindirir.
Dünyanın bütün böyük iqtisadçılarının, siyasətçilərinin təxmini hesablamalarına görə, büdcənin artımı, iqtisadiyyatın yüksəlişi, eyni zamanda, ölkədə münasibətlərin normallaşmasına, demokratik proseslərin sürətlənməsinə, təbəqələşmənin azalmasına, əhalinin yuxarı təbəqəsi ilə aşağı təbəqəsinin arasındakı məsafənin qısalmasına gətirib çıxarmalıdır. Təəssüf ki, Azərbaycanda bu məsələdə müəyyən əks proseslər gedir. Dövlət idarələri ilə əhali arasındakı məsafələr azalmaqdansa, ildən-ilə artır və məmurların, dövlət vəzifələrində çalışan insanların bir hissəsinin əhali ilə əlaqələri yalnız kağız üzərində mövcud olur. Demək olar ki, bir çox qapılar xalqın, camaatın üzünə bağlıdır. Mən ilk növbədə buna narazılığımı bildirmək istəyirəm. İkincisi, mən kənd rayonundan seçilmiş bir deputat kimi, burada məndən əvvəl deputat yoldaşlarımın dediklərini təkrar edərək, büdcədə kənd təsərrüfatına diqqətin azlığından narahatlığımı ifadə etmək istəyirəm. Təxminən büdcənin 1 faizi ətrafında kənd təsərrüfatına vəsait ayrılır. Əkinçiliklə, şoran torpaqların təmizlənməsi ilə, ənənəvi texniki bitkilərin yetişdirilməsi ilə bağlı bir cümlə də görmədim.
Çox acınacaqlı bir faktı da demək istəyirəm. Azərbaycanın aran rayonlarının böyük əksəriyyəti, təxminən Yevlaxdan başlayaraq Biləsuvara qədər, bu gün kanal suyu içir. Evlərin arasından keçən arxın yuxarı başında paltar yuyulur, aşağı hissəsində həmin suyu içirlər. Mən büdcədə gördüm ki, bir çox rayonlarda su təchizatı məsələsi nəzərdə tutulub, amma az qala faciəli durumda olan rayonlarımızın çoxunun su məsələsi yenə də nəzərə alınmayıb.
Kənd təsərrüfatında yanacağın 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Amma kənd təsərrüfatı təkcə yanacaqdan ibarət deyil. Kənd təsərrüfatına kompleks yanaşmaq lazımdır. Yolundan, məhsulun toxumundan başlamış onun təchizatına, tədarükünə, satışına qədər bütün məsələlər nəzərə alınmasa, onda yanacaq hədər gedəcək və ortaya heç bir məhsul gəlməyəcək.
Burada məndən əvvəl deyildi. Narahatlıq doğuran məsələlərdən biri də vəsaitin xərclənməsinə nəzarətin konkret olaraq göstərilməməsidir. Rayonlarda abadlıq işlərinə yaxşı pul ayrılır. Abadlıq işlərinə pul ayrılsın, amma abadlıq işi ilə yanaşı, rayonlarda camaatın iş yeri ilə təmin olunmasına, yeni sənaye müəssisələrinin, kənd təsərrüfatı müəssisələrinin açılmasına da diqqət verilməlidir. Abadlıq işinə sərf olunan pul dibsiz quyuya atılır. Heç kəs buna nəzarət edə bilmir, heç kəs də ondan hesabat ala bilmir. Mən bu yaxınlarda rayonların birinə gedəndə gördüm ki, təzə yol çəkilir. Yol hələ çəkilib başa çatmayıb, amma aşağı tərəfdən sökülür. Mən başa düşürəm, yenə üstündən yol çəkiləcək. Buna niyə nəzarət olmamalıdır? Axı, bu qədər vəsait ayrılır. Bəri başdan nəzarəti gücləndirmək lazımdır.
Çox narahatlıq doğuran məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır. Uşaq bağçaları özəlləşdiriləcək. Amma üç ildən sonra təyinatı üzrə yox, hansı sahə üzrə işləyirsə, o cür də fəaliyyət göstərəcək. Vaxtı ilə kitab dükanlarımız da bu cür verildi . Guya təyinatı üzrə işləyəcəkdi. Amma üç-dörd ildən sonra hamısı təyinatını dəyişdi. Bu gün Bakıda kitab dükanı qalmayıb. Mən xahiş edərdim ki, uşaq bağçalarının, tədris müəssisələrinin təyinatı üzrə işləməsinə xüsusi diqqət verilsin.
Əmək miqrasiyası ilə, əmək ehtiyatları ilə bağlı tədbirlərin təkcə Bakıda deyil, regionlarda da büdcəyə daxil edilməsi məqsədəuyğun olardı. Məşğulluq sahəsində müəyyən edilmiş vəzifələr tam açıqlanmalıdır. Səhiyyə sahəsində müəyyən tədbirlər görülür. Amma mənim deputat seçildiyim Masallı rayonunda 10 kəndi əhatə edən Güllütəpədə bir dənə də xəstəxana yoxdur. Keçən il bir məktəb tikilib, bu gün həmin məktəb ortadan iki bölünüb. Sığdaş kəndində 500-600 şagird var. Amma üçillik planda məktəb tikintisi nəzərdə tutulmayıb. Mən xahiş edirəm, bu məsələlər nəzərə alınsın.
Biz payızda Təhsil haqqında qanun layihəsini müzakirə edəcəyik. Şübhəsiz, Azərbaycanda təhsilin yeniləşməsi və çağdaş tələblərə uyğun olması sahəsində çox böyük iş görülüb. Zənnimcə, ali məktəb müəllimlərinin peşə hazırlığının artırılması, kənd yerlərində xarici dillərin öyrədilməsi, xüsusi ilə xaricdə yaşayan azərbaycanlıların Bakıda təhsil alması (təəssüf ki, bu məsələni büdcədə görmədim), üçün yataqxana tikilməsi çox mühüm bir işdir. Gəlirlər, burada yer yoxdur, evlər bahalaşıb, oxuya bilmirlər. Biz öz gələcəyimizi düşünürüksə, hökmən bu sahəyə xüsusi diqqət verməliyik.
Turizm ekoloji tələblər gözlənilməklə inkişaf etməlidir. Rayonlarda meşələr az qala işğal olunur. Heç kəs nəzarət etmir. Buraya xarici sərmayə ilə yanaşı, hökmən daxili sərmayə də cəlb olunmalıdır. İstərdim ki, torpaqlarımızın şoranlaşması ilə bağlı ciddi vəsait ayrılsın, çünki torpaq istifadə olunursa, iki-üç ildən sonra onu dövriyyəyə qaytarmaq son dərəcə çətinləşir.
Mən istərdim ki, yurd salmaq məsələsinə xüsusi diqqət verilsin. Bizdə 20 otaqlı məktəblər tikilir, amma isitmə sistemi yoxdur. Bunu 18-19 otaqlı tik, zəhmət çək, indidən istilik sistemi qoy. Kəndlərdə ikimərtəbəli, üçmərtəbəli evlər tikilir, amma istilik sistemi yoxdur. Otaqlar bumbuzdur. Bu da nəzərə alınmalıdır. Abşeronda 1 sot yer alır, 10 kvadratmetrlik ev tikir, heç bir kommunikasiya sistemi yoxdur. Bura Abşerondur, Bakının yaxınlığındadır. Bəs niyə nəzarət olunmur?
Nəhayət, tarixi abidələrimizə münasibət. Gəncədə, Bakıda kor-koranə tarixi abidələr uçurulur. İçəri şəhərin binaları corab kimidir, bir-birinə bağlıdır. Sahil tərəfdən sökməyə başladılar. Biri söküldü. O biri də söküldü. Belə davam etsə, Şirvanşahlar da söküləcək, Qız qalası da söküləcək. Mən məmurlarımızdan xahiş edirəm, imkanınız var, çox sağ olun, amma gedin, Bakının kənarında Qobustana qədər dağlar var, hərəniz bir dağ alın. Hərəniz nə qədər yer istəyirsinizsə, götürün, abadlaşdırın, su çəkin. Yazıq Bakının mərkəzi ilə nə işiniz var? Min ilə bunu qurublar, qoyun yaşasın, camaata göstərməyə yerimiz olsun.
Azərbaycanın informasiya blokadasından çıxması üçün konkret tədbirlər görülməlidir. Mən hesab edirəm ki, büdcəmizdə bu məsələ zəifdir. Ümumiyyətlə, sənaye obyektlərinin tikintisini mən büdcədə hər yerdə gördüm. Daha çox təmir, daha çox abadlaşma, daha çox bu tipli məsələlər yer alıb. Amma ciddi sənaye obyektləri ilə, elektrik enerjisi ilə, gələcəkdə iş yerlərinin açılması ilə bağlı ciddi bir təklif görmədim.
Bir məsələdən də nigarançılığımı bildirmək istəyirəm. Bu, yol tikintisi ilə bağlıdır. Yəqin, mənə deyərlər, bəs Ələt-Bakı yolunun tikintisi, Astara–Ələt yolunun reabilitasiyası, Kürdəmir-Yevlax yolunun abadlaşdırılması nədir? Burada yol məsələsi ilə bağlı 10 dənə termin var. Bunun hamısının arxasında ciddi maliyyə dayanır. Bu nə məsələdir? Biz bilirik ki, hamısı tikir, eyni iş görür. Zəhmət çəkin, buna bir ad qoyun. Biz də bilək ki, burada nə iş görülür. İstərdim ki, bu məsələlərə bir aydınlıq gətirilsin. Bir daha deyirəm, Prezidentin sərəncamı ilə Cənub bölgəsində, o cümlədən Masallı, Lerik, Yardımlı, Astara, Lənkəran rayonlarında üç il ərzində müəyyən işlərin görülməsi nəzərdə tutulur.
Sədrlik edən. Çox sağ olun, Sabir müəllim. Hörmətli millət vəkilləri, mən baxıram, bu gedişatla gün ərzində cəmi 24 nəfər çıxış edə bilər. Bir saat ərzində 8 nəfər çıxış etdi. Mənim sizdən xahişim odur ki, bəzi məsələlərdə bir az konkret olaq, təkrarçılıq etməyək. Hamı çıxış etmək istəyir. Sabah da iclasımız var. Hamınızdan xahişim odur ki, təkrar fikirlərə yol verməyək. Konkret məsələləri deyək ki, hamımıza çıxış etmək üçün imkan olsun. Bugünkü iclasa görə çox sağ olun. Sabah iclasımız davam edir.