15.11.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 64
Mill Məclisin iclas salonu.
15 noyabr 2007-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Qurban Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri.
Vəli Nəcəfqulubəyov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi müdirinin müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Rafiq Aslanov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Zaur Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
Mirdaməd Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Vidadi Zeynalov, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında.
3. Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında.
4. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
7. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında.
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üçün xərclər smetası haqqında.
* * *
Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
15 noyabr 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 96
Yetərsay 83
Yetərsay var, müzakirələrə başlaya bilərik. Söz verilir Nəsib Nəsibliyə.
N. Nəsibli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Azərbaycan hökumətinin üzvləri və mətbuat nümayəndələri! Mənim əvvəl prosedurla bağlı bir sualım var, onu demək istəyirəm. Daxili Nizamnamənin 16-cı maddəsinə görə, bütün qanunlar üç oxunuşdan sonra qəbul olunur. Ondan sonra istisna hal kimi bir fikir bildirilir ki, bəzi qanunlar Milli Məclis Sədrinin təklifi ilə və ya protokol qaydasında müzakirədən sonra bir oxunuşda da qəbul oluna bilər. Sualım belədir: büdcə haqqında çox əhəmiyyətli bir qanun layihəsinin bir oxunuşda qəbul olunması məqbul sayılır, amma deyək ki, “Fitosanitar nəzarəti haqqında” Qanun üç oxunuşda müzakirə olundu və qəbul edildi?
İndi də hazırladığım çıxışa keçirəm. Dünən və ondan əvvəlki çıxışlarda bir neçə dəfə neft amilinə toxunuldu, o cümlədən bir neçə fikir oldu. Dostumuz Arzu Səmədbəyli dedi ki, bu büdcə layihəsindən neft iyi gəlir. Eldar İbrahimov da bu fikri qüvvətləndirərək dedi ki, bundan başqa iylər də gəlir. Məncə, hər iki yanaşma doğrudur, çünki Azərbaycan çoxdandır ki, neftə indeksləşib və bundan qaçmaq mümkün deyil. Doğru olmayan bu məsələdən danışmağı siyasi alver hesab etməyi də mən düzgün hesab etmirəm. Məncə, bu, ən prinsipial məsələdir və belə bir ciddi məsələyə bu şəkildə yanaşmaq və onu bu şəkildə qapatmaq olmaz. Əslində, büdcəyə baxılanda neft amilinin müzakirə mövzusuna çevrilməsi təbiidir. Ən azı ona görə ki, müzakirəyə təqdim olunmuş büdcənin gəlir hissəsinin təxminən yüzdə səksəni bilavasitə və bilvasitə dolayısı ilə neft gəlirlərinə bağlıdır. Ümumi daxili məhsulun 59,1 faizi də neft sektorunun payına düşür (Büdcə zərfinin II cildi, səhifə 1.) Əsas məsələ, məncə, budur.
Bu yaxşıdır, yoxsa pis? Neft ixrac edən ölkələrin acı təcrübəsi, dünyaca məşhur alimlərin, Nobel mükafatçısı Stiqlisdən tutmuş, “Çoxluğun paradoksu” kitabının müəllifinə qədər, eləcə də Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq qurumların təhlilləri göstərir ki, bu, nəinki pisdir, hətta çox təhlükəlidir. Məlum olduğu kimi, ümumi daxili məhsulda, ixracatda neft-qazın xüsusi çəkisinin artmasının qırmızı xətti var ki, onu keçmək həmin ölkələrin gələcəyi üçün təhlükə yaradır. Dövlət başçısı bu il may ayının 28-dəki bayram mərasimində belə dedi: “Bəzi ölkələrin tarixi təcrübəsi göstərir ki, böyük neft gəlirləri sosial sahədə, bir qayda olaraq, gərginlik yaradır”. Bizim məmurlarımız, hökumət üzvləri, – əlbəttə, bu, Milli Bankın İdarə Heyətinin sədrinə aid deyil, çünki o, risklərdən danışdı və bu risklərlə də əsaslandırılmalıdır, – üstəgəl bəzi deputat dostlarımız belə bir təhlükənin olmadığını iddia edirlər. Hətta təhlükə onda deyildir ki, bir neçə ildən sonra neft istehsalının həcmi aşağı düşəcək və onda pensiyaların, maaşların həcmini kəskin şəkildə azaltmaq zərurəti meydana çıxacaq, cəmiyyətdə sosial gərginlik yaranacaq.
Cəmi 4 ildən sonra ümumi daxili məhsulun real artım tempi 3,5 faiz proqnozlaşdırılır. (Büdcə zərfi, II cild, səhifə 1.) “Holland xəstəliyi” adlı bu fenomen məlumdur. “Holland sindromu”ndan daha dəhşətli amil ölkənin gələcəyini təhdid etməkdədir. Bu da sosial bərabərsizliyin görünməmiş həddə çatmasıdır. “Betsil əmsalı” deyilən göstərici haqqında Dövlət Statistika Komitəsindən məlumat almaq mümkün olmadı. Sonra məlum oldu ki, – bizim iqtisadçılar dedilər, – bu istiqamətdə, ümumiyyətlə, tədqiqat aparılmır, amma aparılsa, yaxşı olar. Yeri gəlmişkən mən təklif etmək istəyirəm ki, Milli Məclis ya hökumətə, ya da Dövlət Statistika Komitəsinə sosial durumu əks etdirən bu göstərici üzrə tədqiqat aparmaq haqqında bir tövsiyə versin.
Qeyri-rəsmi, müstəqil tədqiqatlar göstərir ki, Betsil əmsalı həddi, yəni əhalinin yuxarı 10 faizinin gəliri ilə aşağı 10 faizi arasında fərq çox böyükdür. Qırmızı xətt çoxdan keçilib. Büdcənin həcminin son illərdə 6 dəfə artması sevindirici haldır. Yeri gəlmişkən dünən hörmətli Əli Əhmədov müxalifəti bu məsələ ilə bağlı, məncə, şərlədi. Kim deyir ki, biz ona sevinmirik? Kim deyir ki, büdcənin artmasına müxalifik? Əksinə, dəfələrlə deyilib ki, büdcəni daha sürətli artırmaq olar. Bunun ən asan yolu iri dövlət şirkətlərinin büdcəyə borcunu ödəməkdir. Bizim müxalifətçiliyimizin fəlsəfəsində “Kimə müxalifik?” deyil, “Nəyə müxalifik?” sualı durur. Bu sualın cavabı da odur ki, biz hiper-korrupsiyaya, inflyasiyaya, qanunsuzluqlara, ədalətsizliyə, inhisarçılığa müxalifik. Siz – burada oturanlar bunlara müxalif deyilsiniz?
Qayıdaq büdcəyə. Deyildi ki, büdcə son illərdə 6 dəfə artıb. Ölkə əhalisinin maddi vəziyyəti necə, son 3–4 ildə 2–3 dəfə yaxşılaşıbmı? Əlbəttə, inflyasiya və bahalaşmanı nəzərə almaqla, makroiqtisadi göstəricilər əhalinin əksəriyyətinin maddi durumunu adekvat əks etdirmir. Misal olaraq, təmsil etdiyim 34 saylı Xətai seçki dairəsinin əhalisini göstərək. Bu dairədə 7 min əhali ailəvi yataqxanalarda yaşayır. Bir otaqda 4–5 nəfər 15–20 ildir məskundur. Bu il apardığımız rəy sorğusu göstərdi ki, – onun materialları mənim qarşımdadır, – ailəvi yataqxanaların sakinlərinin mütləq əksəriyyəti kommunal xərcləri belə ödəmək iqtidarında deyil, amma reklam effekti verən obyektlərin təmirinə milyonlarla manat pul xərclənir. Büdcənin xeyli hissəsini əhatə edən bu işlər barədə danışıldı, təkrar etməyəcəyəm. Yalnız onu demək istəyirəm ki, bu infrastruktura pul qoymaq lazımdır. İstehsal infrastrukturu özündə sosial infrastrukturu ehtiva edir. Bu sahədə isə vəziyyət yaxşı deyil.
Dünən sosial blokla bağlı əks təkliflər səsləndi. Yenə də büdcə sosial yönümlü adlandırıldı. Səhiyyədəki pərişan durumun düzəldilməsi burada inqilabi dəyişikliyin olmasını tələb edir. Təhsilin keyfiyyəti, müəllimlərin cüzi maaşları bir yana qalsın, – bu barədə Təhsil qanunu müzakirə ediləndə danışmaq yaxşı olar, – çünki dəfələrlə deyilib.
Burada vahid görünən mübahisəsiz bir faktı demək istərdim. Bizim ölkədə bir universitet belə olsun normal tədris korpuslarına, kitabxanaya, yataqxanaya malik deyil. Universitetlərin əksəriyyətində ikinövbəli dərs rejimi qalır. Cəmiyyətin lokomotivi sayılan universitetlərin kampusu üçün geniş sahələrin ayrılması, burada uyğun təsisatların tikilməsi günün tələbidir. Həmin sahələrin şəhər ətrafında ayrılması məqsədəuyğun görünür. Belə getsə, o sahələr də satılacaq. Artan neft gəlirlərinin ən effektli tətbiq sahəsi məhz bu universitetlər ola bilər. Bu, həm də şəhərdə sıxlıq probleminin nisbətən həllinə təsir edə bilər.
Azərbaycanda elə bir şəhər yoxdur ki, onun içməli su problemi həll edilmiş olsun. Burada dəfələrlə deyilib ki, Mingəçevir istisna ola bilər, aran bölgəsində min il əvvəlki kimi çirkli su içilir. Bu boyda Bakıda 10 il əvvəl 200-dən çox kitab dükanı vardı. İndi onlardan yalnız 4-ü qalıb. Mirzə Fətəli Axundov adına Milli Kitabxananın fasadı təmir edilib. Bu, çox yaxşıdır. Amma bu milli kitabxanamıza dünya standartlarına uyğun kitabxana demək olmaz. Ən azı ona görə ki, son on ildə bu kitabxana xaricdən ingilis və başqa xarici dillərdə cüzi sayda kitablar alıb. Universitetlərin kitabxanaları da o gündədir. Normal milli kitabxanası olmayan bir məmləkət heç cür inkişaf edə bilməz.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Büdcə zərfinin II cildində 2008-ci il və sonrakı 3 il üçün ölkənin inkişaf konsepsiyası verilib, amma ona konsepsiya deyil, rəqəmlər yığımından ibarət aspirant işi desək, daha obyektiv olar. Bu sənəddə heç bir təhlil yoxdur. Neftin qiymətinin artması ilə bağlı idxal mallarının qiymətinin kəskin surətdə artması faktdır. Bu barədə dünən, ondan əvvəl danışıldı. Gələn büdcə ilində bunun belə olması gözlənilir. Bu, öz-özlüyündə kəskin problem yaradır. İqtidarın kimliyindən asılı olmayaraq, əhalinin pul gəlirlərini bir neçə dəfə artırmaq iqtisadi maliyyə baxımından düzgün sayılmır. Çünki inflyasiya tempi xeyli artacaq. Bəs onda əhalinin maddi rifah halını, heç olmasa, bu səviyyədə necə saxlamaq olar? “Konsepsiya” adlanan bu sənəddə bu suala cavab yoxdur.
Sədrlik edən. Hörmətli Nəsib Nəsibli, dünənki və bugünkü çıxışların hamısına fikir verirəm. Müsavat qrupu adından danışdınız. Sizin dediyiniz qeyri-rəsmi, müstəqil tədqiqatlar haradan yaranıb, bu təhlilləri haradan çıxarırlar, bilmirəm, ancaq çox səhv təhlil edirlər. Bir misal deyim. Dünən çıxış edən bir nümayəndəniz rayonlardan gələn vergi gəlirlərinin 3,8 faiz olduğunu dedi. Bunu bayraq kimi əlinizdə tutmusunuz, indi bir də təkrar etdiniz. Heç biriniz təhlil etmir ki, bunlar yeni müəssisələrdir, onların hələ mənfəət vergisinə çıxmasına bir-iki il var. Yeni müəssisələr yalnız əmək haqqından vergi ödəyirlər.
İkinci, heç biriniz onu da hesablamayıb ki, rayonda açılmış iş yerlərinin, zavodların, fabriklərin baş idarələri Bakı şəhərində yerləşir. Onların əsas, 10 dəfədən çox gəlirləri Bakı şəhərində İri Tədiyyəçilər Departamentində qeydiyyatdan keçir. Yəni bunları təhlil edəndə axıra kimi edin.
Ali məktəblər üçün korpusları dediniz, bununla mən də razıyam, əminəm ki, tikiləcək. İqtidar indi şəhərətrafı korpusları tikməyə başlayıbdır. Bilirəm ki, səhər ona da deyəcəksiniz ki, pulu düzgün istiqamətdə xərcləmirsiniz. Ərəstun Cavadov, buyurun.
Ə. Cavadov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hazırda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsində ölkəmizin iqtisadiyyatının son illərdə sürətli irəliləyişi vurğulanır. Gələcək günlər üçün hökumət tərəfindən müsbət proqnozlar verilir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilir. Həqiqətən də, son zamanlarda ölkəmizdə aparılan həm quruculuq, həm yenidənqurma işləri, həmçinin də dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin əmək haqlarının və pensiyalarının bir neçə dəfə artması bu faktı təsdiq edir.
Hazırkı qanun layihəsində mənim diqqətimi cəlb edən əsas məqam deputat seçildiyim Ağsu, İsmayıllı rayonları üzrə qeyd edilən məlumatlardır. Mən bu məlumatlarla bağlı hörmətli hökumət nümayəndələrinə və Milli Məclis üzvlərinə fikrimi çatdırmaq istəyirəm. Burada 2008-ci il dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşəcək layihələrin istiqamətləri verilmişdir. Müvafiq dövlət proqramları çərçivəsində konkret olaraq Ağsu rayonu üçün Su ehtiyatları və irriqasiya bölməsində rayon ərazisindəki Ağsuçayda sahilbərkitmə və yuxarı Şirvan kanalının nasos stansiyasının təmiri işlərinin görülməsi nəzərdə tutulubdur. Sosial yönümlü layihələr çərçivəsində isə rayonun Ağarx, Cəlayir, Pirhəsənli, Xəlilli kəndlərində yeni orta məktəblərin tikintisinin aparılması planlaşdırılıb. Bütün bunlarla yanaşı, bir faktı da vurğulamaq istəyirəm. Digər rayonlarla müqayisədə 2008-ci il dövlət büdcəsində Ağsu rayonu üzrə su ehtiyatları və irriqasiya işləri ilə bağlı görülməsi planlaşdırılan işlərin həcmi artırılmalıdır. Rayonun kommunal infrastrukturunun yaxşılaşdırılması üçün Ağsu rayonunun adı da digər rayonlar kimi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə salınmalıdır.
Mən bu günlərdə Ağsu rayonunun dağətəyi kəndlərində oldum. Bu kəndlər rayonun böyük yaşayış yerləridir. Qəşəd, Ləngəbiz, Bico kəndlərində işməli su yoxdur. Onlarda yardımçı təsərrüfatın, mal-qaranın saxlanılması üçün suyun olmaması səbəbindən əhalinin böyük bir hissəsi öz yerlərini tərk etmiş və həmin yaşayış yerlərinin böyük bir hissəsi boşaldılmışdır. Əgər bu hal bir müddət davam etsə, həmin kəndlərin tamamilə boşalması təhlükəsi vardır. Ona görə də rayonun dağətəyi kəndlərində su problemlərinin təcili olaraq aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
Rayonun əksər kəndlərində yolların çox bərbad vəziyyətdə olması kənd əhalisinin ölkə daxilində gediş-gəlişi üçün daim problem yaradır. Bütün bunlarla yanaşı, rayonun əksər kəndlərində müalicəxanaların həm də feldşer-mama məntəqələrinin tikilməsinə böyük ehtiyac var. Məsələn, 2008-ci ilin dövlət büdcəsində respublikanın rayon və şəhərlərində səhiyyə obyektlərinin tikintisi çərçivəsində bir neçə rayonun kəndlərində belə məntəqələrin tikilməsi nəzərdə tutulmuşdur. Çox yaxşı olardı ki, 2008-ci il dövlət büdcəsində Ağsu və İsmayıllı rayonlarının bir neçə kəndində də müayinə və müalicə məntəqələrinin tikilməsi nəzərə alınsın.
Hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Mən sizin nəzərinizə Ağsu rayonu üzrə büdcədən maliyyələşən bəzi müəssisələrin cari və əsaslı təmir xərcləri haqqında məlumatı da çatdırmaq istəyirəm. Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci il üçün maliyyə nazirinin təsdiqinə göndərilmiş proqnoz və faktiki tələbat göstəriciləri burada tam şəkildə öz əksini tapmamışdır. 2008-ci ildə təhsil, səhiyyə, mədəniyyət müəssisələri üzrə cari təmir xərclərinə tələbat 820 manat olduğu halda, büdcə layihəsində 119 min manat, əsaslı təmir xərclərinə tələbat 1 milyon 420 min manat olduğu halda, büdcə layihəsində 283 min manat, abadlaşdırma, yolların və mənzil fondunun əsaslı təmiri xərcləri üzrə tələbat 1 milyon 550 min manat olduğu halda, büdcə layihəsində 750 milyon 134 min manat nəzərdə tutulmuşdur. Qeyd etdiyim məlumatları nəzərinizə çatdırmaqla, 2008-ci il dövlət büdcəsində xərc layihələri üzrə maliyyələşmələrin Ağsu rayonunun tələbatına uyğun artırılmasını xahiş edirəm.
Yuxarıda göstərilənləri əsas tutaraq mən bu gün müzakirəyə çıxarılmış Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin hazırlanmasında əməyi olan bütün hökumət nümayəndələrinə təşəkkürümü bildirirəm. Qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən çıxışların başlanğıcına fikir verirəm. Dünən də dedim ki, mövqelərin çoxu təkrarlanır. Dünən Valeh müəllim də qeyd elədi ki, büdcə layihəsi 2008-ci ilin ali iqtisadi sənədidir və biz burada daha çox qlobal məsələlərdən danışmalıyıq. Mən də Abşeron rayonunun deputatıyam və başlayım oradan danışmağa, o biri öz rayonundan danışsın, hərəmiz də büdcədə bir düzəliş aparaq. Sizcə, necə olacaq? Bunu artıraq, onu artıraq deməklə büdcəni müzakirə etmək olmaz. 88 rayon var, hər rayonun eyni vaxtda işığını, suyunu, qazını düzəltdirmək mümkün deyil.
Hökumət büdcənin üzərində aylarla oturub işləyibdir və biz bunu başa düşməliyik. Hamı öz seçiciləri ilə il ərzində başqa cür işləməlidir. Dünən 44 nəfər çıxış eləmişdi, siyahıda 46 nəfər adam var. Gərək bu sənədi 3 gün müzakirə edək. Mən hesab edirəm ki, çıxışlar üçün 5 dəqiqəyə keçmək düzgün olardı. Xahiş edirəm, hər çıxışın 5 dəqiqə olmasına münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 85
Əleyhinə 9
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Xahiş eləmək istəmirəm, ancaq təklifim budur ki, 5 dəqiqə ərzində mən danışa bilməyəcəyəm. Odur ki, məni bu işdən azad eləyin. Büdcə ilə əlaqədar söz deməyə bir dəfə imkan olur.
Birinci, mən demək istəyirəm ki, büdcə iqtisadiyyatın əksidir. İlk növbədə onu hazırlayanlara, bu prosesdə iştirak eləyənlərə, belə bir sənədi yaradanlara, cənab Prezident başda olmaqla hökumət üzvlərinə, Aparatın işçilərinə, dövlət qulluqçularına, iş adamlarına minnətdarlığımı bildirmək istəyirəm. Büdcə, həqiqətən, yaxşıdır və buna heç kəs bir şey deyə bilməz.
Burada belə bir fikir irəli sürüldü ki, neft amili var və hamı bu məsələdən danışır. Mən də demək istəyirəm ki, ümumi daxili məhsulda qeyri-neft sahəsinin artımı 8,1 faiz nəzərdə tutulur. Bu nə qədər olmalıdır ki, müxalifət ondan razı qalsın? 4–5 faiz artımı olan ölkələr üçün, hesab eləyirlər ki, inkişaf yaxşıdır. Düzdür, neftdə göstəricilər daha yüksəkdir, amma bu o demək deyil ki, bu da 26 faiz olmalıdır. Biz deyə bilmərik ki, neft, qeyri-neft sektorunun inkişafı bizi tam qane edir. Əlbəttə, bunu demək olmaz.
İlk növbədə mən kənd təsərrüfatı ilə əlaqədar təkliflərimi demək istəyirəm. Burada belə bir fikir səsləndi ki, guya kənd təsərrüfatına 20 milyon manat vəsait ayrılıb. Bu, heç bir məntiqə sığmayan bir rəqəmdir. Bilavasitə 250 milyon manat ayrılır və ondan başqa, biz bilirik ki, dövlət tərəfindən böyük layihələrdə Azərbaycanın iştirakı nəzərdə tutulub. Biz bunun arxasınca digər dövlətlərdən ayrılan vəsaitləri də nəzərə almalıyıq. Kənd təsərrüfatı bütün vergilərdən azaddır. Bütün bunları da hesablayanda məlum olur ki, əslində, kənd təsərrüfatına yarım milyard ABŞ dollarına yaxın vəsait ayrılıb.
Kənd təsərrüfatında, mən hesab edirəm, çox ciddi problemlər var. Birinci növbədə kənd təsərrüfatında əmək məhsuldarlığı bir neçə dəfə gərək artsın. Bu sahədə, demək olar ki, iş aparılmır. Bunun yolları nədir? Birinci, kooperasiya yoludur, yəni satış, tədarük, emal zəncirini yaratmaq lazımdır. Hesab etmirəm ki, bundan ötrü pul alınmalıdır. Kifayət qədər pul var. Mənə imkan versəniz, mənbələrini də deyə bilərəm.
Misal üçün, “Kənd təsərrüfatında kolxozların, sovxozların islahatı haqqında” Qanun qəbul olunanda nəzərdə tutulmuşdu ki, Kənd Təsərrüfatı Nazirliyi nəzdində 76 təsərrüfat qalmalıdır. Bu təsərrüfatlar toxumçuluqla, əkinçiliklə, damazlıq işi və sairlə məşğul olmalı idilər, ancaq bu, reallığa çevrilmədi. Həmin təsərrüfatlar yox dərəcəsindədir. Bircə rəqəm gətirim. Ən yaxşı halda bu təsərrüfatlar tərəfindən ildə cəmi 5 min ton taxıl toxumu istehsal olunur. Bu bizim tələbatımızdan 20–25 dəfə azdır.
Təsərrüfatlar bərbad bir hala düşüb, bu gün o təsərrüfatların yalnız 41-i qalıbdır. Onları maliyyələşdirmək, maddi-texniki bazalarını yaratmaqla biz kənd təsərrüfatını inkişaf etdirə bilərik. Mənbəni deyim, 40 milyon manat lizinqə vəsait ayrılır. Gəlin, bunun yarısını kəsək və o təsərrüfatların inkişafına yönəldək, ancaq bu o demək deyil ki, lizinq fəaliyyətini biz məhdudlaşdırmalıyıq. Lizinq fəaliyyəti üçün əlverişli kreditlər ayrılmalıdır. İş adamları dövlət lizinq təşkilatından heç də pis işləməyəcəklər. Eyni zamanda, rəqabət mühiti də yaradacağıq.
Digər məsələləri də demək olardı, ancaq vaxtın azlığından mən bunu demək istəmirəm. Hər halda kənd təsərrüfatında müasir texnologiyalar tətbiq olunmasa, kooperasiya gedilməsə, sahələr böyüdülməsə, müasir təsərrüfatlar yaranmasa, istədiyimizə nail ola bilməyəcəyik. Biz bir-iki il ərzində Ümumdünya Ticarət Təşkilatına daxil olacağıq. Kənd təsərrüfatında əsl dağılma onda olacaqdır. Bu məsələlərə diqqət yetirmək lazımdır. Bələdiyyələr haqqında. Bələdiyyələrə 3,5 milyon pul ayrılıb. Mən demirəm ki, bu pul artırılsın. Bu pulun, heç olmasa, artırılma qaydası işlənib hazırlanmalıdır.
Sədrlik edən. Oldu, Arif müəllim, 5 dəqiqə danışdınız. Təkliflərinizi verin, baxarlar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə istəyirsiniz, Elmira xanım?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz səsə qoyduq, qəbul elədik. Xahiş edirəm, yerinizdən danışmayın. Gövhər Baxşəliyeva, buyurun.
G. Baxşəliyeva. Sağ olun, Oqtay müəllim. Mən də həmkarlarımın əksəriyyəti kimi təqdim olunmuş büdcə layihəsini yüksək qiymətləndirirəm. Büdcə haqqında qanun layihəsinin hazırlanmasına, etiraf edirəm ki, çox böyük zəhmət sərf olunubdur. Bu zəhməti sərf edən insanlara öz təşəkkürümü bildirirəm.
Mən də demək istərdim ki, dövlətin sosial-iqtisadi inkişafının əsas prioritetləri çox düzgün müəyyənləşibdir. Məni daha çox qane edən elm sahəsi oldu. Burada elmin prioritet sahə kimi inkişaf istiqamətləri qeyd olunubdur. Bu istiqamətlər bütün elmi işçilərin ürəyincə oldu.
Mən millət vəkili kimi Bərdənin 94 saylı kənd dairəsini təmsil edirəm. İstərdim ki, seçicilərimin də problemlərini qaldırım, ancaq bunun üçün vaxt azdır. Seçicilərimiz isə məhz bu tribunadan onların səsləndirilməsini arzulayırdılar.
Eyni zamanda, mən burada Elmlər Akademiyasını da təmsil edirəm. Əvvəlcə bir qədər elm sahəsi barədə danışacağam. Elmə ayrılan vəsait artırılaraq 64 milyard manata çatdırılıbdır. Bu da özlüyündə böyük rəqəmdir, amma nəzərə alsaq ki, ölkənin büdcəsində bunun çəkisi 0,1 faizdən artırılaraq 0,8 faizə yüksəlibdir, bu, əlbəttə ki, bu günümüz üçün ilk baxışdan çox fərəhli göstəricidir. Ancaq onu da nəzərə alaq ki, Azərbaycana çox böyük maliyyə vəsaitləri daxil olur, ona görə bunu indiki vaxt üçün az hesab etmək olar. Alimlərin bir hikmətli ifadəsində deyilir: ”İnkişafını düşünən xalq gərək öz elminə böyük vəsaitlər qoysun.” Elm, təhsildən bəhrələnən xalq həmişə firavan yaşayar və bunu həmişə diqqətimizdə saxlamalıyıq.
Biz etiraf edirik ki, Elmlər Akademiyasına diqqət son illər xüsusi ilə artmışdır. Məsələn, Elmlər Akademiyasının həqiqi üzvlərinin, müxbir üzvlərinin elmi adlarına görə aldıqları təzminat kəskin artmışdır. Eyni zamanda, Elmlər Akademiyasında təmir işləri yüksək vüsət almışdır. Elmlər Akademiyasının əsas binası, Rəyasət Heyətinin binası, bir sıra muzeylərimiz əsaslı təmir olunur.
Eyni zamanda, mən istərdim, Milli Elmlər Akademiyası işçilərinin xahişlərini də çatdırım. Onlar xahiş edirlər ki, məvacibləri imkan daxilində diqqət mərkəzində saxlanılsın. Bu məvaciblər hesablanaraq, inflyasiya səviyyəsi nəzərə alınaraq vaxtaşırı indeksasiya olunsun. Elmi işçilərin bir xahişləri də var ki, elmi dərəcələrə görə aldıqları təzminat bir qədər artırılsın. Artıq Rusiyada bu məsələyə baxılıbdır. Onların alimləri elmi dərəcələrə görə 150–300 ABŞ dolları civarında vəsait alırlar.
Burada Elmlər Akademiyası haqqında çox danışıldı. Mən təəssüf edirəm, ad çəkməyəcəyəm, bir həmkarımız dedi ki, Elmlər Akademiyası kurortdur. Xeyr, belə deyil. Elmlər Akademiyasında insanlar çox gərgin zəhmətlə məşğuldurlar. Sadəcə, nəzərə almaq lazımdır ki, onlar intellektual əməklə məşğuldurlar. Bu insanları saat 9-dan 6-dək orada saxlamaq bütün yaradıcılıq potensiallarını heçə endirmək olardı. 15 adam bir otaqda elmlə məşğul ola, yaxud əsər yaza bilməz. Məsələn, Rusiya Elmlər Akademiyasında hələ sovetlər dönəmindən qayda belə olub, həftədə bir dəfə işə gəlirlər, digər vaxtlarını isə kitabxanalarda, evdə, kimə harada rahatdır, orada keçirir, tədqiqatlar aparırlar. Elm belə yaranır. Bunu, xahiş edirəm, hamı nəzərə alsın.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli strategiya əsasında dinamik sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı son 4 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət almışdır.
Müzakirəmizə təqdim olunmuş büdcə layihəsi çox mükəmməl və əhatəli hazırlanmışdır. Hörmətli komissiya sədri Ziyad müəllim, nazirlərimiz Samir Şərifov, Heydər Babayev, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Heydər Əsədov 2008-ci ilin büdcə zərfi ilə bağlı ətraflı məlumat verdilər.
2007-ci ilin sonuna ümumi daxili məhsulun həcminin 25,4 milyard manata çatması gözlənilir. Bu, 2003-cü illə müqayisədə 3,5 dəfə artım deməkdir. Gələn il bu göstəricinin 31,5 milyard manata çatması proqnozlaşdırılır. Bu halda artım 18 faiz təşkil edəcəkdir.
2003-cü ildə dövlət büdcəsinin xərcləri 1,2 milyard ABŞ dolları məbləğində idi. 2008-ci ildə bu rəqəm 10 milyard dollara çatdırılacaqdır. Başqa sözlə, bu xərclər 4 ildə 8 dəfədən çox artmış olacaq. Bu ilin sonuna kimi ölkədə adambaşına düşən ümumi daxili məhsul 3,5 min dollar təşkil edəcək. Gələn il bu rəqəmin 4,5 min dollar olacağı proqnozlaşdırılır. Bu gün bütün mənbələrdə ölkəmizin valyuta ehtiyatları 6 milyard dollardan çoxdur.
Əldə olunan bütün bu uğurlar ulu öndər Heydər Əliyevin bilavasitə neft strategiyasının nəticəsidir. Bu gün dünya iqtisadiyyatında, dünyanın neft sənayesində baş verən proseslər ümummilli liderimizin bir daha uzaqgörən siyasətindən xəbər verir.
Bu strategiya iqtisadiyyatımızı böyük tərəqqiyə aparmağa imkan yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət buna istinad edərək daha sürətlə inkişaf edir. Büdcə proqnozlarına görə, bu kurs gələn il daha geniş vüsət alacaqdır.
İqtisadiyyatımızın bütün bu inkişafı kontekstində ölkəmizin nəqliyyat-yol sektoru da sürətli tərəqqi dövrünü yaşayır. Çox böyük önəm kəsb edən bu sahə ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, Azərbaycanın tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilmişdir. Dövlət başçısının tapşırığına əsasən ölkənin dəmir yollarının inkişafına dair yaxın 4–5 ili əhatə edəcək dövlət proqramı işlənib hazırlanmışdır.
Respublikamızın şəhər və rayonlarında yolların tikintisinə və əsaslı təmirinə, o cümlədən “Avtomobil yolları” məqsədli büdcə fondunun 130 milyon manat vəsaiti də nəzərə alınmaqla, 177 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 36 milyon manat və ya 25 faiz çox vəsait deməkdir.
Bütövlükdə ölkə ərazisində, o cümlədən Bakı şəhərində yol infrastrukturunun yeniləşməsi barədə qəbul edilən qərarların icrası üçün 2008-ci ildə görüləcək işlərə lazımi vəsaitlərin ayrılması, avtomobil yollarının saxlanılması və istismarı üçün müvafiq işlərin görülməsi təmin ediləcəkdir.
Bakı Dəniz Limanının “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində, ölkənin əsas dəmir və avtomobil yollarına birbaşa çıxışı olan ərazidə tikilməsi keyfiyyətcə yeni böyük nəqliyyat qovşağının yaranmasına və gələcəkdə burada xüsusi liman zonasının formalaşmasına şərait yaradacaqdır.
Bakı–Tbilisi–Qars yeni dəmir yolu xəttinin məntiqi və texniki davamı olan bu layihə ölkəmizin tranzit potensialının güclənməsini və TRASEKA nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artmasını təmin edəcəkdir. Şimal-Cənub avtomobil və dəmiryol nəqliyyat dəhlizi layihəsinin də reallaşdırılması ölkəmizin Avrasiya iqtisadi məkanına inteqrasiyasının sürətlənməsinə yeni imkan yaradacaqdır.
Bir sözlə, ölkənin nəqliyyat sektoru, onun inkişafı və maliyyə təminatı 2008-ci ilin dövlət büdcəsinin üstün hədəfləri sırasındadır.
Dövlət başçısının tapşırığına əsasən bu gün ölkəmizdə, xüsusi ilə Bakı şəhərində geniş quruculuq və abadlıq işləri həyata keçirilir. “Tikilən, qurulan və abadlaşdırılan qalacaq” prinsipi ilə şəhərlərimiz, rayonlarımız yeniləşir, müasirləşir, milli və Avropa arxitekturası ilə mükəmməl infrastruktur qurğuları yaradılır. Bütün bunlar ölkə əhalisinin həyat səviyyəsinin və sosial təminatının yaxşılaşmasına xidmət edir. Bu uğurları görməmək, onlara göz yummaq ədalətsizlikdən, gözü götürməzlikdən başqa bir şey deyildir.
Cənab Prezidentimizin tapşırığına əsasən hökumətimiz çox düzgün olaraq büdcə layihəsini hazırlayan zaman ekoloji problemlərin həllinə, ölkənin ətraf mühitinin mühafizəsi sahəsinə xüsusi diqqət yetirmişdir. Sənəddə ekoloji sahədə qəbul edilmiş dövlət proqramlarının, o cümlədən Abşeron yarımadasının ekoloji durumunun yaxşılaşdırılması tədbirlərinin reallaşdırılması üçün lazımi həcmdə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Müsbət haldır ki, Bakı şəhəri üçün çox vacib olan, uzun müddət ərzində danışıqlar və araşdırmalar aparılan tullantıların emalı və utilizasiyası müəssisəsinin yaradılması layihəsi reallaşmaq üzrədir. Bu layihənin də maliyyə təminatı gələn ilin büdcəsində öz əksini tapır.
2008-ci ilin dövlət büdcəsinin uğurlu cəhətlərindən biri onun investisiya tutumlu olmasıdır. Belə ki, əsas fondlara vəsait qoyuluşu xərcləri üçün ümumi xərclərin 43 faizi həcmində vəsait ayrılması planlaşdırılır. Bu, 3,7 milyard manat investisiya vəsaitləri deməkdir. 2007-ci ilin göstəricisi ilə müqayisədə artım 39 faiz təşkil edəcəkdir. Bu investisiya qoyuluşu əsasında ölkədə çox ciddi və böyük həcmli layihələr həyata keçiriləcəkdir. Bütün bunlar Azərbaycanın iqtisadi potensialının, xüsusi ilə qeyri-neft sektorunun sürətli artımına, sosial infrastrukturun yenidən qurulmasına xidmət edəcəkdir.
Digər bir müsbət hal ümumi xərclərin üçdə bir hissəsinin sosial sahələrə yönəldilməsidir. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda (elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr) əmək haqqının artırılması, əmək pensiyasının baza hissəsinin iki mərhələdə artımı, dövlət və hərbi qulluqçuların pensiyalarının artırılması, sosial müavinətlərin yüksəldilməsi üçün hər bir sahəyə konkret məbləğdə büdcə vəsaitinin ayrılması nəzərdə tutulur.
Hesab edirəm ki, 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulan tədbirlərin icrası inkişaf edən Azərbaycan iqtisadiyyatına yeni keyfiyyət və tərəqqi gətirəcəkdir.
Mən müzakirəyə təqdim olunmuş bu layihəni hazırlayan bütün hökumət üzvlərinə minnətdarlığımı bildirir, onun gələcəkdə reallaşdırılmasında uğurlar arzulayıram. Ətraflı müzakirələrdən sonra 2008-ci ilin dövlət büdcəsinin qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri və Məclis iştirakçıları! Bu gün müzakirə etdiyimiz 2008-ci ilin dövlət büdcəsi bizə Azərbaycanın nailiyyətləri haqqında danışmağa imkan verir. 1995-ci ildən başlayaraq həyata keçirilən sosial-iqtisadi siyasət bütün sahələrdə yüksək templi inkişafın həyata keçirilməsinə xidmət edir.
Dövlət büdcəsinin real artımı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına yönəlmişdir. Büdcənin artımı bizə imkan verir ki, əhalinin sosial rifahının yaxşılaşmasına kompleks yanaşa bilək. Sabit inkişaf edən iqtisadiyyat “İpoteka haqqında” Qanunun qəbul olunmasına, yeni sığorta sisteminin yaradılmasına, onun qanunvericiliklə təmin olunmasına imkan verdi. Yeni “Pensiya təminatı haqqında” Qanunun qəbulu ilə bu sahədə konseptual dəyişikliklər edildi. Dövlət büdcəsi və iqtisadi sahədə qəbul olunan qanunların təkmilləşdirilməsi dövlət tipli sosial funksiyaların yerinə yetirilməsinə imkan yaratdı. Hakimiyyətin məqsədi Azərbaycanın iqtisadiyyatının modernləşdirilməsini və onun dünyada rəqabətcil iqtisadiyyata çevrilməsini təmin etməkdir. Son illərdə dövlət büdcəsinin yüksək templə artımı bir tərəfdən əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, müasir sosial təminat sisteminin yaradılmasına, digər tərəfdən isə ölkə infrastrukturunun modernləşdirilməsinə imkan vermişdir. Bu siyasətin səmərəliyinin yüksəldilməsi məqsədi ilə Milli Məclis əsas fəaliyyətini dinamik inkişafa uyğun qurmalı, qanunvericilik bazasını daim təkmilləşdirməlidir.
Yekunda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı (2004–2008-ci illər) xüsusi ilə qeyd etmək istərdim. Proqramın icrası məqsədi ilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına, regional problemlərin həllinə yönəldilmişdir. Hesab edirəm ki, regionlarda həyata keçirilən məqsədli sosial proqramlar, eyni zamanda, dövlət təhlükəsizliyinə və onun müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. Biz büdcəmizin regionlar üçün nəzərdə tutulan xərclərinə xüsusi diqqətlə yanaşmalıyıq.
Mən bütün çıxışlara diqqətlə qulaq asmışam və buna dair bir neçə fikrimi söyləmək istəyirəm. O cümlədən Azər Əmiraslanova minnətdarlığımı bildirmək istəyirəm ki, burada bir faktı qeyd etdi. Həqiqətən də, Xanlar rayonunda sürüşmə nəticəsində bir kənd tamamilə yerindəcə məhv olmuşdu. Ölkə Prezidentinin sərəncamına əsasən tezliklə həmin kənd yenidən bərpa olunubdur. Kənddə sakinlər üçün 41 ev, inzibati binalar, məktəblər tikilmişdir.
Yevda Abramovun dedikləri ilə də razılaşır və bildirmək istəyirəm ki, Xanlar, Daşkəsən dağ rayonları olduğundan orada qış çox sərt keçir. Burada mən də öz növbəmdə xahiş eləyərdim ki, “Azəriqaz” Səhmdar Cəmiyyəti bu rayonların qazla təminatı məsələlərinə daha diqqətlə yanaşsınlar. Oralarda sayğac problemləri də var. Xanlar və Daşkəsən rayonlarının kəndləri, onların problemləri ilə xahiş edərdim ki, aidiyyəti nazirliklər də öz fikirlərini söyləsinlər. Bildirmək istəyirəm ki, Xanlar və Daşkəsən Azərbaycanın çox gözəl regionlarıdır. Orada turizmin inkişafı ilə bağlı məsələlərin önə çəkilməyi barədə İdman və Turizm Nazirliyinə bizim müraciətimiz də olmuşdur. 2008-ci ildə bütün əhali Xanlarda və Daşkəsəndə gözləyirlər ki, orada yeni idman qurğuları tikiləcək və əhalinin xidmətinə veriləcəkdir. Bildirmək istəyirəm ki, bu müddət ərzində Xanlarda çox böyük bir aqrokombinat artıq işə başlayıbdır. Orada 1200-dən artıq insan çalışır. Bu da öz növbəsində regionun inkişafına böyük təkan verəcəkdir. Xanlarda 1000 hektara yaxın üzüm bağları salınıbdır. Eyni zamanda, Daşkəsəndə işə salınan Dəmir-filiz kombinatında 500 nəfərdən artıq adam çalışır. Xanlarda daha bir iri sənaye müəssisəsi yaxın vaxtlarda işə başlamalıdır. Mən xahiş edərdim, aidiyyəti nazirliklər bu məsələyə də yaxından diqqət yetirsinlər. Vaxtım başa çatdığından sonda onu bildirmək istəyirəm ki, dövlət büdcəsini mən də dəstəkləyirəm. İnanıram ki, Azərbaycanın gələcəyi naminə bu büdcə illər keçdikcə artacaq və əhali onun hesabına daha da firavan yaşayacaqdır.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Sevindik Hətəmov, buyurun.
S. Hətəmov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli həmkarlarım və dəyərli hökumət nümayəndələri! Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi artıq Milli Məclisin müzakirəsinə verilibdir. Bu sənəd ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin uğurlu nəticələrini özündə əks etdirir. Burada əldə edilmiş iqtisadi nailiyyətlər, qeyri-neft sektorunun inkişafı, büdcə xərclərinin sosial və investisiya yönümünə dair proseslər əsas götürülübdür. Həmçinin burada xalqın rifahının yaxşılaşdırılması, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə potensialının gücləndirilməsi, infrastrukturların tikintisi və yenidən qurulması, ekoloji vəziyyətin yaxşılaşdırılması, mövcud ehtiyatlardan səmərəli istifadə edilməsi və digər dövlət əhəmiyyətli məsələlərə xüsusi önəm verilmişdir. Odur ki, 2008-ci il dövlət büdcəsi layihəsini müsbət qiymətləndirirəm və bu sənədin qəbul olunmasına səs verəcəyəm. Deputat həmkarlarımdan da bunun qəbul olunmasına səs vermələrini xahiş edirəm.
Mən hökumət nümayəndələrinin burada olmasından istifadə edib, iki məsələni diqqətinizə çatdırmaq istərdim. Birinci, bildiyiniz kimi, Laçın rayonunun 19 min əhalisi Ağcabədi qış yatağında məskunlaşıb. Əhalinin əksəriyyəti taxta körpü adlanan ərazidə yerləşiblər. Bu ərazidə torpaqlar şoranlaşıb, əkinə yararlı deyil. Torpaqların şorandan təmizlənməsi üçün orada drenaj kanallar çəkilməlidir. Bu cür kanallar həmin torpaqların duzdan yuyulmasına kömək edərdi.
İkinci məsələ təhsillə bağlıdır. Təhsil sahəsində aparılan islahatlar məqsədəuyğun, görülən işlər təqdirəlayiqdir. Məcburi köçkün və qaçqınların yerləşdiyi ərazilərdə məktəb tikintisində və onların maddi-texniki bazasının yaradılmasında Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin xüsusi rolu vardır. Bu məktəblərdə görüşlərdə olduğum zaman müəllimlərin əksəriyyəti məndən xahiş etdi ki, çalışdıqları təhsil ocaqlarında kitabxanaçılıq və kargüzarlıq ştatları yoxdur. Təhsil Nazirliyindən xahiş edərdim ki, həmin məktəblərdə kitabxanaçılıq və kargüzarlıq ştatlarının verilməsinə kömək etsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət Həsənova.
M. Həsənova. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri! Mən çıxışıma başlamazdan əvvəl millət vəkillərinə, həmkarlarıma öz tənqidi fikrimi bildirmək istərdim. Parlamentin 50 faizi 10 dəqiqə çıxış eləyəndən sonra belə bir ədalətsiz qərar qəbul etdi. Ona görə, ola bilsin ki, mən, çıxışa yazılan həmkarlarım fikirlərimizi kifayət qədər yetərincə çatdıra bilməyəcəyik.
Mən 2008-ci ilin dövlət büdcəsi zərfini hazırlayan hər bir şəxsə, zəhmət çəkən hər bir insana öz minnətdarlığımı bildirirəm ki, belə ətraflı, mükəmməl bir zərfi bizə təqdim etmişlər. Rəqəmlərin dili ilə ifadə edilən bu büdcə zərfində istər 2007-ci ildə görülmüş, istərsə də 2008-ci ildə görüləcək işlər bir daha gözümüzün önünə gəldikcə biz Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin qüdrətli ideyalarının təntənəsinin şahidi oluruq. 2003-cü ildə respublikamıza rəhbərlik edən möhtərəm Prezidentimizin bu ideyalara, bu siyasətə yeni keyfiyyət gətirdiyinin bir daha şahidi oluruq.
Mən öz qısa təkliflərimi tezislər şəklində deməzdən əvvəl bir fikri çatdırmaq istərdim ki, ümumiyyətlə, respublikamızda görülən işlərə burada kölgə salmaq istəyənlər, cəhd edənlər oldu. Mən bir fikri çatdırmaq istərdim ki, iş görülən yerdə həmişə problem də olar. Xaos, anarxiya olan yerdə problem də tapmaq olar. 1993-cü ildə respublikamızda xaos, anarxiya var idi. Ona görə heç bir problem də tapmaq mümkün deyildi. Bu gün respublikamızda möhtərəm Prezidentimizin və onun komandasının titanik fəaliyyəti nəticəsində möhtəşəm işlər görülür. 5–7 il bundan qabaq respublikada onlarla möhtəşəm körpülərin çəkiləcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Çünki 70 ildə Azərbaycanda cəmi bir neçə körpü salınmışdı. Əgər 5–10 il bundan qabaq desəydilər ki, ən ucqar regionlarda yüksək səhiyyə avadanlıqları ilə təchiz olunan diaqnostik mərkəzlər xalqın istifadəsinə veriləcək, buna heç kəs inanmazdı. Respublikamızda Avropa standartlarına cavab verən 1000-dən artıq yeni məktəb istifadəyə verilmişdir. İstər hökumətimizin, istərsə də Heydər Əliyev Fondunun gördüyü işlər, həqiqətən də, misilsiz və çox qiymətlidir. Bunu bütün xalq da çox yüksək dəyərləndirir. Bir sıra infrastruktur sahələrdə çox böyük işlər görülmüşdür. Bu işləri 5 dəqiqə ərzində sadalamaq qeyri-mümkündür.
Mən təkrarçılıq etmək istəməzdim, amma bir neçə xahişim var, onları hökumətin ayrı-ayrı nümayəndələrinə çatdırmaq istərdim. Hərbi qulluqçuların vəziyyəti ilə bağlı həmkarlarım da dedilər. İstər əmək haqqı, istər rütbə və vəzifə maaşları, istərsə də onların sosial vəziyyətləri, habelə növbədənkənar ipotekaya daxil olmaları ilə bağlı təklifləri təkrarlamaq istəməzdim. Keçmiş SSRİ məkanında belə idi, bu gün Rusiyada, Türkiyədə, İsraildə, Gürcüstanda və digər ölkələrdə hərbi qulluqçulardan gəlir vergisi tutulmur. Mənə elə gəlir ki, Azərbaycan müharibə edən ölkədir, hərbi qulluqçular hər dəqiqə erməni gülləsi ilə üzbəüz dayana bilərlər. Onların əmək haqqından gəlir vergisi tutmamağa bizim büdcəmiz imkan verir.
Bu gün respublikamızın bütün sahələrində çox böyük islahatlar gedir. Mən səhiyyə və təhsili qeyd edərdim. Təhsil və səhiyyə işçilərinin də əmək haqları çox azdır. Bu sahədə aparılan genişmiqyaslı, sürətli islahatlara əmək haqqının artırılması çox gözəl, müsbət təsir edərdi. Mən büdcə zərfində ailə, qadın və uşaq problemlərinə ayrılan xərclər barədə öz fikrimi bildirmək istərdim. Qeyd etmək lazımdır ki, nəinki büdcədə, bütün dünyada bu məsələlər çox aydın göstəricilərlə öz əksini tapır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində gender büdcədə geniş əks olunur. Bu gün uşaq, ailə, demoqrafiya, gənclər, habelə qadın siyasətinə dövlət xüsusi qayğı ilə yanaşır. Ziyafət müəllim, Oqtay müəllimin, Sizin dəstəyiniz və köməyinizlə parlamentimizin qadın millət vəkilləri qlobal Parlament forumlarında dəfələrlə iştirak etmişlər.
Bu gün reproduktiv sağlamlıqla bağlı məsələlər dünyanın ən qlobal problemlərindən biri sayılır. Xüsusən zöhrəvi xəstəlikləri, eləcə də QİÇS-lə bağlı problemlər bizdə də artıbdır. Mən Maliyyə Nazirliyindən xahiş edərdim ki, gələcəkdə səhiyyədə aparılan genişmiqyaslı islahatlara kömək olsun deyə, reproduktiv sağlamlıq, xüsusən arzu olunmayan hamiləlik və ailə planlaşdırılması ilə bağlı məsələlərə maliyyənin ayrılmasına diqqəti artırsınlar.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar və hökumət üzvləri! Mən çıxışımın əvvəlində qeyd etmək istəyirəm ki, müzakirəyə çıxarılmış dövlət büdcəsinin layihəsi əvvəlki büdcə layihələri ilə müqayisədə daha sanballı, hərtərəfli və şəffaf tərtib edilmişdir.
Müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlamış iqtisadi islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Son illərdə ölkə iqtisadiyyatında neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da yüksək inkişaf tempi hiss edilir ki, bu da dövlət büdcəsinin gəlirlərinə və xərclərinə öz müsbət təsirini göstərmişdir. Son üç ildə dövlət büdcəsinin xərcləri 2,2 dəfə artmışdır. Ümumi daxili məhsulun artım tempi bizə onu da deməyə əsas verir ki, bu artım növbəti illərdə də davam edəcəkdir.
2008-ci il dövlət büdcəsi sosial yönümlü büdcə olmaqla yanaşı, investisiya yönümlüdür. İnvestisiya xərclərinin tərkibində sosial sahələrdə əsaslı vəsait qoyuluşu xüsusi yer tutur. Bu da hörmətli Prezidentimizin iqtisadiyyatın bütün sahələrində, xüsusən sosial sahənin hərtərəfli inkişaf etdirilməsinə qayğısının nəticəsidir. Büdcə xərclərinin kəskin artması bu vəsaitlərin bölgüsündə və istifadəsində büdcə təşkilatlarının məsuliyyətini daha da artırır. Mən buna konkret misallarla aydınlıq gətirmək istəyirəm.
Respublikanın rayon və şəhərləri üzrə büdcə xərclərinə nəzər saldıqda görərik ki, büdcə xərclərinin artımı bir rayonda çox, digərində isə az nəzərdə tutulmuşdur. Növbəti ilə təqdim olunmuş layihədə rayonlara ayrılan büdcə məbləğləri arasında fərqlərin aradan qaldırılması istiqamətində, hesab edirəm ki, əhalinin sayı, adambaşına düşən xərclər əsas amil kimi götürülməli və rayonlar üzrə ədalətli maliyyələşdirmə prinsipindən istifadə olunmalıdır. Bu halda rayon və şəhərlərin sosial-iqtisadi göstəriciləri müvafiq qaydada bölünər və biz onların bərabər səviyyədə inkişafına nail olarıq.
Ölkə Prezidentinin regionlara səfəri və onların inkişaf etdirilməsinə xüsusi qayğısının nəticəsi olaraq dövlət büdcəsində yerli gəlirlərin artımı yüksəlmişdir. Bunu “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008-ci illər)” uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirmək olar. Büdcə layihəsi ilə əlaqədar digər bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Rayonlarda büdcə vəsaiti ilə yanaşı, müxtəlif maliyyə mənbələri hesabına da sosial obyektlərin tikintisi və abadlaşdırılması işləri aparılır. Rayon büdcəsinin xərcləri müəyyən olunubdur. Bu növ xərclər nəzərə alınmaqla, büdcə xərclərinin tələb olunan istiqamətə yönəlməsini məqsədəuyğun hesab edirəm. Hesab edirəm ki, bu vasitələrin daha səmərəli istifadəsini təşkil etmək üçün onların bir mənbədən idarə edilməsi məqsədəuyğun olardı. Eyni zamanda, həmin vəsaitlər hesabına rayonda büdcə ilində görüləcək işlərin sayının müəyyənləşdirilməsinə və işin keyfiyyətinin artırılmasına şərait yaradılacaqdır.
Mən bu dövlət büdcəsi layihəsini müsbət qiymətləndirirəm. Üzümüzə gələn yaxın illərin böyük nailiyyətlər mərkəzinə çevrilməsinə, Azərbaycanın iqtisadi dinamikasına görə, dünyada beynəlxalq aləmdə inkişaf etmiş ən qabaqcıl ölkə olacağına inanıram. Çox təəssüf ki, müxalifətdən olan bəzi millət vəkilləri yenə də ölkəmizdə gedən bu sürətli inkişafı və siyasi sabitliyi görüb qiymətləndirmək istəmirlər. Onlar halbuki ölkəyə rəhbərlik etdikləri və Baş nazir olduqları dövrdə dövlət büdcəsinin layihəsini Milli Məclisə vaxtında təqdim etməyi bacarmırdılar, ölkəni vətəndaş müharibəsinə, insanları uçuruma doğru aparırdılar. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun azərbaycançılıq, milli-dini ideyalar baxımından qorunub saxlanmasını hər bir Azərbaycan vətəndaşı özünün müqəddəs borcu bilməlidir.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Əhəd müəllim, 5 dəqiqən bitdi. Çox sağ olun. Elmira Axundova.
E. Axundova. Mən də Məlahət xanımla razıyam. Bu bizə qarşı ədalətsizlikdir. Biz elə olur ki, həftələrlə yığışmırıq. Nə olardı ki, biz 4 gün yox, 5 gün işləyərdik və hamımıza da icazə verərdilər ki, öz sözümüzü tam deyə bilək.
Mən də hörmətli nazirlərimizi salamlayıram. Müzakirə ilə bağlı büdcəyə diqqətlə baxmış, onun üzərində bir neçə həftə işləmiş və dinamikasını təhlil eləməyə çalışmışam. Vaxtın azlığını nəzərə alaraq, birbaşa təkliflərə keçirəm.
Əvvəla, açıq demək lazımdır ki, rayonlarda illərlə yığılan problemlər, bəzi çətinliklər ləng həll olunur. Məsələn, götürək bizim Masallı rayonunun iki ən mühüm problemini – qaz və su ilə təminatını. Mən bunları deməməliyəm? Dünən hörmətli Valeh müəllim, bu gün də hörmətli Oqtay müəllim deyiblər ki, hərəmiz öz rayonumuzun problemlərindən danışırıq, bu, düzgün deyil və biz daha qlobal məsələləri müzakirə etməliyik. Mən bu fikirlə o mənada razı deyiləm ki, bizim rayonlarımız bütöv Azərbaycanın hissələridir. Bir böıgədə baş verən proseslər və neqativ hallar başqa regionlarda da təkrarlana bilər.
Masallının qaz problemini keçən il, yəni düz bir il qabaq 2007-ci ilin büdcəsi müzakirə edilərkən hörmətli nazirlərimizin diqqətinə yönəltdim, amma o problem yenə olduğu kimi qalır. Masallı rayonunun bir sıra iri qəsəbə və kəndlərinə qazın verilməməsi əhalidə haqlı narazılıq doğurur. Qaz boru xətləri də var, sadəcə, onları təmir etmək lazımdır. Mən bununla əlaqədar dəfələrlə Nazirlər Kabinetinə müraciət eləmişəm. Mənə cavab verirlər ki, bu məsələ, nəhayət, 2008–2009-cu illərdə öz həllini tapacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, bu məsələ hələ 2006-cı ildə öz həllini tapmalı idi.
İçməli su problemi, həmçinin başqa məsələlər. Rayon məktəblərinin təmiri işləri pis aparılır. Mən sənədlərlə tanış olduqdan sonra bu qənaətə gəlmişəm ki, 2008-ci ildə də, – burada bəzi həmkarlarım bunu deyiblər, – əsasən, Bakı və Abşeronun məktəbləri bərpa olunacaq, rayonlara isə nisbətən az diqqət yetiriləcəkdir. Təhsil Nazirliyində olarkən öyrəndim ki, məsələn, mənim dairəmdə olan bir neçə məktəb, onların təmiri plandan çıxarılıbdır. Ümumiyyətlə, məktəblərin əsaslı təmirinə və inşasına ayrılan büdcə xərcləri bu il azalıbdır. Bilirsiniz, biz bu sürətlə məktəbləri təmir etsək, heç 10 ilə qurtara bilmərik. Mən başa düşürəm ki, respublikada məktəblərin yarısı bərbad vəziyyətdədir. Birdən-birə hamısını təmir etmək, Oqtay müəllim, Siz düz deyirsiniz, mümkün deyil. Başa düşürəm ki, bu sahədə işlər görülür, amma inanın mənə, məktəblərin təmiri və inşası, xüsusən rayonlarda çox ləng gedir. Buna daha çox vəsait ayırmaq lazımdır. Mədəniyyətdən, elmdən də daha çox bu sahəyə baxmaq lazımdır, çünki onlara maraq məktəbdən, onun I sinifindən başlayır. Savadsız nəsil yetişdirsək, təzə kitabxanada da, ən müasir formada qurulmuş muzeydə də heç kim olmayacaq, onlar bomboş dayanacaq. Uşaq yöndəmsiz, heç bir şəraiti olmayan, torpaq döşəməli sinifə girəndə hansı maraqdan, oxumağa həvəsdən söhbət gedə bilər? Ona görə də mən hörmətli maliyyə naziri Samir Şərifovdan, təhsil naziri Misir Mərdanovdan çox xahiş edərdim ki, bu məsələyə təzədən baxılsın.
Bir mühüm problem haqqında da demək istərdim. Heydər müəllim, bilmirəm, buradadır, deyəsən çıxıb. Kiçik sahibkarlara kreditlərin verilməsi məsələsi. Kənd təsərrüfatı sahələrində işləyən sahibkarlara əlverişli şəraitin yaradılması haqqında tez-tez danışırıq, müfaviq göstərişlər veririk. Bununla belə, maldarlıqla, əkinçiliklə məşğul olan cavan sahibkarların kredit alması, demək olar ki, çox müşkül bir problemə çevrilib. 6 ay qabaq mənim yanıma soyadı Xəlilov olan Qarabağ əlili gəlmişdi. O mənə seçicim kimi müraciət etdi. Xahişi bu oldu ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ona kredit ayrılması işinə kömək göstərim. Bilirsiniz, iki il ərzində çox nadir hallarda yanıma rayonlardan kim isə gəlib deyir ki, mən kənd təsərrüfatı əməyi ilə məşğul olmaq istəyirəm. Yəqin, həmkarlarım da mənimlə razılaşarlar. Əksəriyyəti ya maddi kömək istəyir, ya da onları Bakıda işə düzəltməyi xahiş edir. Ona görə də mən bu cavan, vətən yolunda qanını tökmüş, sağlamlığını itirmiş insana kömək etmək qərarına gəldim. Təəssüf ki, bu günə kimi o problemi həll edə bilmirik. Baxmayaraq ki, kreditin verilməsi haqqında fondun müşahidə şurası o şəxsə müsbət qərar veribdir, ancaq fonddan verilən bu cür kağızlara müvəkkil kredit təşkilatları, yəni banklar çox etinasız baxırlar. Onlar, demək olar ki, fondun qərarını saymırlar və hətta sadə iş adamları ilə danışmaq da istəmirlər. İndi bizim rayonda fonddan müsbət cavab alan, əllərində müvafiq sənəd olan, amma kredit ala bilməyən onlarla kiçik sahibkar tapa bilərsiniz. Belə hallar seçicilərimizdə torpaqla işləmək istəyini öldürür, adamlarda ruh düşkünlüyü, sosial ədalətə inamsızlıq oyadır. Mən hələ tarıma çəkilmiş əsəblərdən danışmıram.
İqtisadi inkişaf naziri cənab Heydər Babayevdən çox xahiş edirəm ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kreditin verilmə mexanizmi barədə də düşünülsün və bu işdə süründürməçiliyə son qoyulsun. Bunun bir yolunu onda görürəm ki, fond müsbət qərar qəbul etməklə yanaşı, öz sənədində kredit verməli olan təşkilatın konkret adını da göstərsin...
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qarşımızda olan 2008-ci ilin dövlət büdcəsini tam bəyənirəm və bütün millət vəkillərini ona səs verməyə dəvət edirəm. İlk növbədə onu savadlı hazırlayan bizim hökumət üzvlərinə minnətdarlığımı bildirirəm.
Bununla bərabər, bir neçə təklifimi sizin nəzərinizə çatdırmaq istərdim. Əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması, məşğulluğun etibarlı təmin edilməsi üçün qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına ciddi diqqət yetirilməlidir. Kənd təsərrüfatının, yerli istehsalın inkişafını stimullaşdırmaqla ərzaq təhlükəsizliyinin təmin olunmasına, ölkənin ərzaq təminatının idxaldan asılılığının minimuma endirilməsinə nail olmaq lazımdır. Hazırda ölkəmizdə büdcə gəlirlərinin artan sürəti, hökumətin bu sahəyə xüsusi diqqətlə yanaşması aqrar-sənaye kompleksinə daha çox vəsait ayrılmasına imkan verir. İnkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələnərək kənd təsərrüfatımıza subsidiyaların ayrılmasına və bu sahədə dövlət tənzimlənməsinə geniş yer verilməlidir.
Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması hesabına inkişaf əldə etmək üçün birinci növbədə damazlığın yaxşılaşdırılması tələb olunur. Yalnız heyvandarlıqda deyil, balıqçılıq, quşçuluq, arıçılıq, toxumçuluq, atçılıq və sair sahələrdə də damazlığa diqqət yetirilməlidir. Heyvandarlıq və bitkiçilikdə daha yüksək məhsuldarlıq təmin olunmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, onun tədarükü, emalı və satışının təşkili də hökumətin diqqət mərkəzində olmalıdır. Ölkəmizdə istehsalı mümkün olan məhsulların idxalını lüzumsuz etməklə bu sahədə inhisarçılığa son qoymaq və işbazların tərəfindən qiymətlərin əsassız artırılmasının qarşısını almaq lazımdır.
Bununla əlaqədar son vaxtlar Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi tədbirləri təqdirəlayiq hesab edirəm. Artıq ikinci ildir ki, nazirlik bir sıra rayon icra hakimiyyətləri və istehsalçılarla birlikdə Bakı şəhərində ardıcıl olaraq yarmarkalar, kənd təsərrüfatı məhsullarının və müxtəlif ərzaq məhsullarının satışını təşkil edir. Bazar qiymətlərinin əsassız yüksəldilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Yarmarkalarda satılan məhsulların keyfiyyəti, çeşidi, əhalinin qiymətlərdən razı qalması mətbuat tərəfindən dəfələrlə qeyd edilmişdir. Hesab edirəm ki, bu sahəyə hökumət tərəfindən daha geniş diqqət yetirilməlidir.
Yarmarkaların keçirilməsi üçün şəhərlərdə müasir avadanlıqla təchiz edilmiş daimi yerlərin ayrılması təmin edilməlidir. Bakı şəhərində çoxlu evlər tikilir. Siz bilirsiniz ki, icra hakimiyyəti tərəfindən icazə verilən evlərin 10–15 faizi sonradan icra hakimiyyətinə mənzil şəklində qaytarılır. Tikilən evlərin birinci mərtəbəsi həmişə market üçün nəzərdə tutulur. Mən təklif edirəm ki, hər rayonda hökumət tərəfindən bu binaların birinci mərtəbəsi, bəzi yerlərdə isə ilk iki mərtəbəsi götürülsün, ora müasir avadanlıq verilsin, orada kənd təsərrüfatı məhsullarının satışı təşkil olunsun. Həm ticarət xidmətinin sahəsini genişləndirək, həm də orada müasir tipli avadanlıq qoymaqla Avropa standartlarına uyğun ticarət şəbəkələri, bazarlar yaradaq.
Bildiyiniz kimi, kənd təsərrüfatı məhsulları satışının keçirildiyi sahələr vergidən azaddır. Biz aqrar sahədə fəaliyyət göstərən sahibkarları Bakıya dəvət etməklə onların istehsal etdikləri məhsulların satışı üçün şərait yarada bilərik. Mən hesab edirəm, həm Kənd Təsərrüfatı Nazirliyi, həm də İqtisadiyyat Nazirliyi bu məsələdə maraqlı olmalıdırlar. Çünki bu təqdirdə onlar qiymətləri həmişə nəzarətdə saxlaya bilərlər.
Mən hesab edirəm, bizim daimi komissiya hökumətə bu məsələnin həlli üçün müvafiq mexanizm verə bilər. Əlbəttə, gələcəkdə bu işi proqram şəklində həyata keçirmək olar. Amma indi hesab edirəm ki, biz bu variantdan istifadə edərək ilin sonunda və gələn ilin əvvəlində yarmarkaları yerlə bu şəkildə təmin edə bilərik. Əminəm ki, bu yerləri yayda kondisionerlərlə, qışda istilik sistemləri ilə təmin etməklə, baytarlıqda antisanitariyanın qarşısını almaqla həm alıcıların, həm də satıcıların zövqünü oxşaya bilərik.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının yeni bir inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir və bu, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının təntənəsidir. Bu strategiya bu gün də layiqincə həyata keçirilir və onun əyani timsalı bu gün müzakirəyə təqdim olunmuş büdcə layihəsidir.
Mən düşünürəm ki, 2007-ci ilin büdcə layihəsi həm sosial, həm də investisiya yönümlü büdcə kimi səciyyələndirilməlidir. Büdcə layihəsində sosial yönümlü xərclərin payı 32,8 faiz müəyyən olunub ki, bu da 2007-ci ilin büdcəsi ilə müqayisədə təxminən 26,5 faiz artıqdır. Dövlət investisiyası ilə əsaslı vəsait qoyuluşuna isə böyük bir məbləğdə – 2,8 milyard manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2007-ci ilin büdcəsi ilə müqayisədə təxminən 48 faiz artıqdır.
Bundan başqa, Azərbaycanın müdafiə xərclərinin keçən ilin büdcəsi ilə müqayisədə təxminən 25,4 faiz artırılaraq 1,2 milyard manata çatdırılmasını, habelə 1 milyard manata yaxın vəsaitin təhsil xərcləri üçün ayrılmasını mən bu dövlət büdcəsinin çox böyük nailiyyətlərindən hesab edirəm.
Ümumi daxili məhsulun strukturunda qeyri-dövlət sektorunun payının təxminən 89 faiz proqnozlaşdırılması, mənim fikrimcə, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti üçün yaradılan əlverişli şəraitin nəticəsidir. Yerli gəlirlərin xüsusi çəkisinin artması isə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının uğurlu nəticələrindən xəbər verir. Mən qeyri-neft sektorunun inkişafına, habelə Azərbaycan iqtisadiyyatında neft amilinin rolunun minimuma endirilməsinə dair iqtisadi siyasətin bu büdcə layihəsində öz əksinin tapmasını da alqışlayıram.
Bununla yanaşı, mən bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Xahiş edirəm, hörmətli hökumət üzvləri çıxışlarında bu məsələyə toxunsunlar. Büdcə layihəsində ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri, habelə təzə avadanlıqla təchiz olunması üçün nəzərdə tutulan xərclər 2007-ci illə müqayisədə təxminən 52,2 faiz azaldılıb. Mən başa düşürəm, bununla bağlı dövlət proqramı artıq icra olunub. Amma ümumtəhsil məktəblərinin tikintisi, təmiri, avadanlıqla təchiz olunması üçün ayrılan vəsaitin nə üçün birdən-birə 2 dəfə azaldılması anlaşılmır. Mən əminəm ki, hökumət üzvləri çıxışlarında buna toxunacaqlar.
2008-ci il dövlət büdcəsinin layihəsi Azərbaycan iqtisadiyyatının parlaq gələcəyindən, Azərbaycan dövlətinin gələcək qüdrətindən xəbər verir. Mən çıxışımın sonunda bu büdcəni hazırlayan bütün şəxslərə çəkdikləri zəhmətə görə öz təşəkkürümü bildirir və həmkarlarımdan bu büdcənin qəbul olunmasına səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım, hökumət nümayəndələri və mətbuat! Oqtay müəllim, bu gün biz müxalifət olaraq parlamentdə təmsil olunuruqsa, ölkəmizin gələcəyinə, 2008-ci ilə hesablanmış büdcə layihəsi müzakirə olunarkən burada tənqidi fikirlərin səslənməsi hər halda hökumət üçün daha əhəmiyyətlidir, nəinki müxalifət üçün. Açığı, mən başa düşə bilmirəm ki, niyə hər dəfə siz burada bir müxalif fikir səslənəndə bizi ağı görməməkdə, ölkəmizin inkişaf etməsinə, büdcənin rəqəmlərinin yüksək olmasına sevinməməkdə ittiham edirsiniz. Məgər biz Azərbaycan vətəndaşları, bu xalqın, vətənin övladları deyilikmi? Bu ittihamlar nə üçün edilməlidir? Mən başa düşə bilmirəm.
İndi gəlin belə deyək. Mən də bu büdcədə olan rəqəmlərlə bağlı qəşəng təriflər deyim. Bununla hər şey düzəlirsə, gəlin biz də tərif deyək. Bizim tənqidi fikirlərimiz hökumətin fəaliyyətinə mane olursa, bu fikirləri dilə gətirməyək. Mən tamamilə səmimi olaraq komissiyanın iclasında da dedim ki, mənim burada dediyim fikirləri qərəzli qəbul etməyin. Çünki bu gün biz istəsək belə bu fəaliyyətin qarşısını almaq iqtidarında deyilik. Allah eləməsin ki, belə bəd niyyətli insan olsun. O bizim vətənimizin, xalqımızın düşməni ola bilər. Amma mən çox istərdim ki, hökumət üzvləri də, siz, Milli Məclisin rəhbərliyi də burada deyilən tənqidi fikirlərdən səmimi olaraq müsbət nəticə çıxarmağa çalışasınız.
Hər halda biz bir dairədən seçilmiş millət vəkilləriyik. Bizim də iş adamlarımız, dostlarımız var. Biz deyirik ki, gömrük və vergi idarələri əgər aldıqları əmək haqqının müqabilində bu xalqa, vətənə, büdcəyə səmimi xidmət etsələr, gömrük və vergidən büdcəyə daxilolmalar iki dəfə çox olar. Məgər biz bunu deyiriksə, bu xalqı, milləti, büdcəni sevmirik? Bu büdcədən biz millət vəkilləri də, bizim seçicilərimiz də, qohumlarımız da pis-yaxşı bəhrələnirik.
Mən görürəm, burada Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri də kifayət qədər tənqidi fikirlər səsləndirirlər. Məsələn, dünən mən qulaq asdım, Əli Hüseynov, hörmətli Əli müəllim öz çıxışında büdcənin xərclənməsindəki qeyri-şəffaflıqdan və bədxərclikdən danışdı, buna etirazını bildirdi və hesab etdi ki, hökumət bunu diqqətdə saxlamalıdır. Biz də bunu deyirik.
Bu il orduya 1 milyard dollar pul ayrılıb. Burada əyləşənlərin hər birinin ordu ilə əlaqəsi var, övladları, qohumları, dostları, tanışları arasında kimlərsə hərbi xidmətdədirlər. Gəlin gedək hərbi hissələrə, Beyləqana, Tərtərə. Mən olduğum hərbi hissələri deyirəm. Əsgərlərimizi bit basıb, bədənlərində əl boyda yaralar var. Əsgərlərin çimməsi üçün isti su yoxdur. 30 tonluq cəni qoyublar hərbi hissənin həyətinə, əsgərlərə deyirlər ki, gedin qaloş cırığı, fanta qabı gətirin, bunun altında yandırın. Mənim üçün bunu ordumuz haqqında demək çox ağırdır. Amma hörmətli hökumət nümayəndələri bunu bilməlidirlər.
Bizim zabitimiz, briqada komandiri 400 manat əmək haqqı alır və onun da 150–100 manatını kirayə verirsə, o necə yaşaya bilər, necə vətəninə, xalqına ürəyi istədiyi kimi xidmət edə bilər? Mən 1200 manat əmək haqqı alıramsa, briqada komandiri 2 min manat almalıdır. Niyə bizim zabitlər, briqada komandirləri millət vəkilindən az əmək haqqı almalıdırlar? Biz bunu deyirik, Oqtay müəllim. Biz xalqımızı da, dövlətimizi də, vətənimizi də sevirik. Amma biz bu gün müxalifətdəyiksə, mən xahiş edirəm, bizim dediklərimizi səmimi qəbul edin. İçərimizdə qərəzli fikirlər deyən varsa, həqiqəti demirsə, onları çəkin məhkəmələrə. Mən deyirəm ki, 2 il öncə Əli İnsanov haqqında burada...
Sədrlik edən. Çox sağ olun. Heç kim sizinlə qərəzli danışmır. Siz düz demirsiniz. Hələ büdcə layihəsinin müzakirəsi qurtarmamış “mən büdcəyə səs vermirəm” demək, əlbəttə, düzgün münasibət deyil. Müzakirələrə qulaq asmaq lazımdır. Səsvermə olacaq, çıxışa başlayan kimi deyirsiniz hər şey pisdir, qurtaranda da deyirsiniz ki, biz bu büdcəyə səs vermirik. Səs verib- verməmək sizin öz ixtiyarınızdır. Birinizin sözünüzü kəsməmişik, fikrinizə qarışmamışıq, müdaxilə etməmişik. Siz də insafla danışın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qaldı gələn dəfəyə. Əhməd Vəliyev.
Ə.Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq bir neçə gündür ki, müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında müxtəlif fikirlər səsləndi. Təbii ki, belə də olmalıdır. İnsanlar müxtəlif olduğu kimi, onların fikirləri də, hər hansı məsələyə yanaşma tərzi də müxtəlif olmalıdır. Lakin mən arzu edərdim ki, hər bir insan obyektivliyini itirmədən reallığı düzgün qiymətləndirsin və yekun olaraq xalqımızın, dövlətimizin gələcəyi naminə öz təkliflərini versin.
Mən də 2008-ci ilin büdcə layihəsinə öz münasibətimi bildirmək istərdim. Büdcə layihəsi bizə təqdim olunduqda rəhbərlik etdiyim Odlar Yurdu Universitetinin iqtisadçı və hüquqşünas alimləri ilə birgə tərəfimizdən müzakirə edilmiş və müsbət qiymətləndirilmişdir. Ona görə ki, büdcə paketi hazırlanarkən müqayisəli şəkildə elmi yanaşmalar aparılaraq məntiqi nəticələrə gəlinmişdir. Bu qanun layihəsinə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən də yüksək peşəkarlıq səviyyəsində təhlillər aparılaraq müsbət rəy verilmişdir.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, büdcə layihəsinin təqdimatı zamanı Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin, maliyyə nazirinin, iqtisadi inkişaf nazirinin, Milli Bankın sədrinin və Hesablama Palatası sədrinin çıxışlarından sonra mən bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirərək düşündüm ki, ölkə Prezidentinin ətrafında dünya iqtisadiyyatını bilən və iqtisadi təhlil qabiliyyəti olan bir məktəb formalaşmışdır.
Bu gün biz dünənə görə inkişaf tempimizə, inkişaf əmsalımıza nəzər salmalıyıq. Yaşayış minimumuzu buna görə müəyyənləşdirməliyik. Burada hörmətli həmkarlarım tərəfindən müxtəlif sahələrdə olan problemlərdən danışılır. Hərə öz fəaliyyət sahəsi ilə bağlı çox şeylər tələb edir. Lakin bu problemlərin həlli ilə bağlı maliyyə resurslarının haradan əldə olunması əsaslı şəkildə təklif olunmur. Bu gün bizim büdcəmiz 10 milyarddır. Hələlik olan vəsaitimiz budur. Biz bu real vəsaiti bütün sahələrin fəaliyyət və inkişafı ilə bağlamalıyıq. Hesab edirəm ki, büdcə zərfində bütün sahələrə çox peşəkarlıqla yanaşılmış, hər bir sahənin bu və ya digər formada inkişafı nəzərə alınmışdır.
Vaxtın azlığını nəzərə alaraq bir təhsil və elm işçisi kimi təhsil və elm sahəsinə aid vəsaitlə bağlı öz fikirlərimi bildirmək istərdim. Hamımıza məlumdur ki, ölkə Prezidenti hörmətli İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilimizin, elmimizin inkişafına nə qədər böyük diqqət və qayğı göstərilir. Bu hamıya məlum olduğuna görə çox vaxtınızı almaq istəmirəm. 2008-ci ilin büdcə layihəsində elmə ayrılan vəsaitin 2007-ci ilə nisbətən 40,2 faiz, təhsilə ayrılan vəsaitin isə 28,1 faiz çox olması ölkə rəhbərliyinin təhsilə, elmə olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Hörmətli millət vəkilləri, mən hökumətin burada olmasından istifadə edərək təhsilə ayrılmış büdcə vəsaitinin xərclənməsi ilə bağlı təkliflərimi vermək istərdim. Məlumdur ki, təhsil dövlət təsisatlarının əsasıdır. Belə ki, yüksək təhsil güclü iqtisadiyyat, güclü siyasət, güclü ordu, güclü maliyyə-bank sistemi və sair deməkdir. Ona görə düşünməliyik, təhsilə ayrılmış 1 milyard vəsaitlə necə etmək lazımdır ki, ölkəmizin bütün sahələrini əhatə edən yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına nail olaq. Bunun üçün bu sahədə çalışan bir mütəxəssis kimi düşünürəm ki, təhsildə bir stimul olmalıdır. Hesab edirəm ki, ali təhsil sistemində dünyada olduğu kimi, fərdlərin maliyyələşməsi vaxtı çatmışdır. Yəni yüksək qabiliyyətli tələbələrlə sürünənlər arasında fərq qoyulmalı, qabiliyyətlilər dövlət tərəfindən maliyyələşdirilməli, zəiflər isə öz hesabına oxumalıdırlar.
Təhsil haqqı ixtisasa tələbə axını nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda, ali məktəblərdə təhsil almaq istəyən orta ixtisas kolleclərinin məzunları birbaşa ali məktəblərin uyğun ixtisaslarının üçüncü kurslarına qəbul olunmalıdırlar ki, artıq dövlət vəsaiti sərf olunmasın. Biz yüksək təhsil alma rəqabətini təmin etməklə dövlətin yükünü bir qədər yüngülləşdirmiş olarıq və yaxud qənaət edilmiş vəsaiti bu gün üçün zəruri olan texniki peşə təhsilinin və digər sahələrin inkişafına yönəldə bilərik.
Təhsil sahəsindən çox sözlər demək olar. Burada mənim həmkarlarım təhsildə olan problemlərdən danışdılar. Dünyanın ən inkişaf eləmiş ölkələrində belə təhsildə çox böyük problemlər var.
Sədrlik edən. Sağ olun, Əhməd müəllim. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! Ölkənin ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf kursu bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi, şəxsi qayğısı ilə uğurla davam etdirilir. Bu kontekstdə cənab Prezident regionların inkişafına, kənd rayonlarında sosial və infrastruktur obyektlərinin yaradılmasına xüsusi önəm verir. Təsdiqlənmiş dövlət proqramının icrasını şəxsi nəzarətə götürərək mütəmadi olaraq yerlərə səfərlər edir.
Bu gün ölkə iqtisadiyyatı sözün əsl mənasında tərəqqi dövrü yaşayır. Bu, ilk növbədə ulu öndər Heydər Əliyevin böyük neft strategiyasının geniş miqyasda reallaşması nəticəsində baş verir. Azərbaycanın neft sənayesinin bütün tarixi ərzində 2008-ci ildə neft istehsalı 50 milyon tondan çox olacaqdır. Gələn il üçün ümumi daxili məhsulun həcmi 31 milyard manatdan çox proqnozlaşdırılır. Bu, 18 faiz artım deməkdir.
Bu makroiqtisadi göstəricinin müsbət cəhəti yaxın illərdə qeyri-neft sektorunun sabit templərlə 6–7 faiz inkişaf etməsi olacaqdır. Azərbaycan iqtisadiyyatının yaxın gələcəkdə neft sənayesindən asılılığı azaldılmalıdır. Bu məqsədlə qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatının və onunla bağlı emal sənayesinin inkişafı hökumətimizin əsas vəzifəsi olmalıdır. Bu gün kənd təsərrüfatında, xüsusilə əkinçilik və heyvandarlıqda çalışanların qarşısında duran başlıca problem istehsal etdikləri məhsulları az itkilərlə istehlakçıya çatdırmaqdır. Bu çox ciddi problemdir. Bu problemi həll etmək üçün kənddə əsaslı şəkildə kənd təsərrüfatı mallarının tədarükü servisi yaradılmalı, anbarlar, soyuducu sistemi obyektləri inşa olunmalıdır.
Qeyd eləmək lazımdır ki, keçən il dövlət büdcəsi layihəsinin və bu ilin martında hökumətin hesabatının müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən təkliflərin bir çoxu hökumət tərəfindən nəzərə alınmış, 2008-ci ilin dövlət büdcəsi layihəsində ayrı-ayrı investisiya layihələrinin icrasına başlanması nəzərdə tutulmuşdur.
Ərazisindən deputat olduğum Cəlilabad rayonunda 2008-ci ildə kənd təsərrüfatının inkişafı üçün çox vacib olan Göytəpə su anbarının tikintisi, suvarma-drenaj su şəbəkələrinin bərpası, rayonun 5 kəndində və rayon mərkəzində 6 məktəb binasının, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, mədəniyyət evinin, idman kompleksinin inşası nəzərdə tutulur. Qeyd etməliyəm ki, gələn il mərkəzləşmiş xəzinədən Cəlilabad rayonu üçün ayrılan vəsaitlərin həcmi cari ilə nisbətən 23 faiz artırılır.
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü kimi qeyd etmək istərdim ki, ölkəmiz üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi və bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədi ilə müvafiq dövlət proqramları çərçivəsində müxtəlif istiqamətli ekoloji tədbirlər görülür. Bu tədbirlərin icrası üçün 2008-ci ilin dövlət büdcəsindən lazımi məbləğlər ayrılır.
Yuxarıda qeyd etdiyim kimi, son illər Azərbaycan hökuməti təhsil sahəsinə xüsusi diqqət yetirir. Bu büdcə zərfi sənədlərindən də göründüyü kimi, son illər Azərbaycan hökuməti təhsil sahəsinə xüsusi diqqət yetirir. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədli dövlət proqramları həyata keçirilir. Bu kontekstdə Heydər Əliyev Fondunun dəstəyi ilə genişmiqyaslı məktəb proqramları icra olunur. Dövlət büdcəsindən sosial bloka ayrılan xərclərin 35 faizi təhsil sahəsinə yönəldiləcək. Belə bir yüksək büdcə ayırması ölkənin sosial təminatı bölümü üçün də nəzərdə tutulacaq. Bu göstərici 27 faiz civarında olacaqdır.
Çıxışımın sonunda qeyd etmək istərdim ki, iqtisadi bloka daxil olan nazirliklərimiz və dövlət təşkilatlarımız 2008-ci il dövlət büdcəsi layihəsinin tərtibi üçün geniş və hərtərəfli hazırlıq işləri aparmış, büdcə zərfinə daxil olan sənədləri ətraflı...
Sədrlik edən. Çox sağ olun. İsmayıl Hacıyev.
İ. Hacıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli hökumət üzvləri, əziz həmkarlar, hörmətli mətbuat nümayəndələri! Biz artıq üçüncü gündür ki, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edirik. 2008-ci il üçün müəyyən olunmuş dövlət büdcəsi Azərbaycan Respublikasının bir illik fəaliyyətini tənzim edəcəkdir. Dövlət büdcəsi yüksək səviyyədə hazırlanmış və Hesablama Palatası ona müsbət rəy vermişdir. Dövlət büdcəsi hazırlanarkən respublikamızın sosial-iqtisadi inkişafının mühüm göstəriciləri əsas götürülmüş və bu, 2008-ci il üçün qarşıya qoyulan vəzifələri də düzgün müəyyən etmək imkanı vermişdir.
Dövlət büdcəsi hər bir ölkənin gələcək inkişafını müəyyən edir. Müzakirə etdiyimiz dövlət büdcəsi də bizim gələcək inkişafımızı dəqiq müəyyən edir. Dövlət büdcəsi hazırlanarkən xalq təsərrüfatının bütün sahələrinə fikir verilmiş, o cümlədən elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində qarşıya qoyulan vəzifələr dəqiqliklə göstərilmişdir.
Cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi son dövr ərzində ölkəmiz çox sürətlə inkişaf etmişdir. Ümumi daxili məhsulun artımı, sosial sahələrə ayrılan yardımlar, əmək haqqının sistemli şəkildə artırılması, işsizliyin aradan qaldırılması, regionların sosial-iqtisadi inkişafı və sair nailiyyətlərimiz sübut edir ki, ölkəmizin qarşısında duran bütün problemlər uğurla həll olunur. Dövlət büdcəsi üçün ayrılan vəsaitin ilbəil artması onu deməyə əsas verir ki, 2008-ci ildə də ölkəmizin qarşısında qoyulan vəzifələr çox uğurla həyata keçiriləcəkdir.
Bu üç gün ərzində dövlət büdcəsi ilə əlaqədar çıxışlar dinlənildi. Lakin Oqtay müəllimin dediyi kimi, bir neçə müxalifətçi deputatın bəri başdan “səs verməyəcəyik” deyib bir az radikal mövqe tutması anlaşılmazdır. Çünki dövlət büdcəsi müəyyən olunarkən müxalifət-iqtidar nəzərə alınmır, respublikanın hərtərəfli inkişafı, sosial-iqtisadi inkişafının sürətləndirilməsi yolları nəzərə alınır. Buna hər bir Azərbaycan vətəndaşı, o cümlədən Milli Məclisin üzvü sevinməlidir, onun uğurla həyata keçirilməsinə öz töhfəsini verməlidir.
Mənim fikrimcə, dövlət büdcəsi yüksək səviyyədə hazırlanmışdır. Mən burada əməyi olan bütün dövlət qurumlarının zəhmətini yüksək qiymətləndirirəm. Bununla bağlı geniş danışmıram, bir neçə təklifimi demək istəyirəm.
Dövlət büdcəsində elmlə, təhsillə bağlı məsələlər çıxışlarda çox səsləndirildi. Mən də elm və təhsil işçisi olduğuma görə bu sahəyə toxunmaq istəyirəm. Respublikamızda son illərdə həm orta ümumtəhsil, həm də ali təhsil sistemində təhsilin səviyyəsinin artırılması üçün ciddi işlər aparılır. Elmlə bağlı bu iş burada deyildi. 2005-ci ildə elmə 28 milyon, 2006-cı ildə 32 milyon, 2007-ci ildə 45 milyon manat ayrılmışdısa, bu il elmin maliyyələşməsinə 64 milyon manat vəsait ayrılıb. Bu müzakirələrdə qeyd edildi ki, elmə ayrılan vəsait qrandlar üzrə, müəyyən layihələr üzrə verilməlidir. Bu, tamamilə düzgündür və təqdir olunmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, elm sahəsində işləyənlərin bir hissəsi aşağı kateqoriyalı işçilər – laborantlar, böyük laborantlar, kiçik elmi işçilərdir. Bunlar, təbii ki, qrand layihələrində, mühüm layihələrdə iştirak eləyə bilmirlər.
Sədrlik edən. Çox sağ olun, İsmayıl müəllim. 2008-ci il dövlət büdcəsinin layihəsini biz üçüncü gündür müzakirə edirik. Mən təklif edirəm ki, maliyyə nazirinə də imkan verək, bəzi suallara aydınlıq gətirsin, sonra müzakirələri davam etdirək.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun. Hörmətli cənab Sədr, ilk növbədə yaratdığınız fürsət üçün Sizə və eyni zamanda, bu müzakirələrdə iştirak edib, təkliflər verən bütün millət vəkillərinə minnətdarlığımı bildirmək istərdim. Hesab edirəm ki, çox faydalı müzakirə keçirilir. Burada konstruktiv təkliflər də və əfsuslar olsun ki, bəzi qərəzli fikirlər də səslənir.
Amma bununla belə, istərdim, burada səsləndirilmiş fikirlərlə bağlı öz şərhimi verim. Bir neçə millət vəkili, deputat Paşayeva, deputat Seyidov, deputat Muradov Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər qaldırmış, o cümlədən nazirliyin saxlanılması üçün vəsaitin artırılması təklifini irəli sürmüşdülər. Bununla əlaqədar qeyd etmək istərdim ki, 2008-ci ildə Xarici İşlər Nazirliyinin saxlanılması xərcləri deputatların səsləndirdiyi kimi, 3,3 milyon manat deyil, 5,2 milyon manat nəzərdə tutulmuşdur.
Hazırda nazirliyin aparatında 324 nəfər çalışır və bu əməkdaşların tam əksəriyyəti diplomatik heyət deyil. Orada texniki heyət də təmsil olunmuşdur. Cari ildə bütün dövlət qulluqçularının, o cümlədən xaricdə diplomatik xidmətdə olan əməkdaşların vəzifə maaşları 25 faiz artırılmışdır. Onu da qeyd etmək istərdim ki, Xarici İşlər Nazirliyi sistemində diplomatik heyət üçün xüsusi əlavələr nəzərdə tutulub. Bu əlavələri də nəzərə alsaq, digər dövlət qulluqçuları ilə müqayisədə Xarici İşlər Nazirliyinin əməkdaşları 35 faiz çox maaş alırlar. Diqqətinizə çatdırım ki, biz ölkə Prezidenti tərəfindən Xarici İşlər Nazirliyi sisteminin təkmilləşdirilməsi və onun maddi-texniki bazasının yaxşılaşdırılması üçün verilmiş xüsusi tapşırıqları da yerinə yetiririk.
Mən öz çıxışımda qeyd etmişdim ki, xaricdə bizim diplomatik nümayəndəliklərin sayı 55-ə çatmış və artıq 55 səfirliyin 19-u Azərbaycan dövlətinə məxsus binalarla təmin edilmişdir. Bu proses davam edir və bu məqsədlər üçün yenə müvafiq vəsaitlər ayrılacaqdır.
Xarici İşlər Nazirliyi əməkdaşlarının maaşının xüsusi şəkildə artırılmasına gəlincə, mən hesab edirəm ki, onlar da dövlət qulluqçusu olduğu üçün biz bu proseslərə kompleks şəkildə baxmalı və burada ayrı-seçkiliyə şərait yaratmamalıyıq.
Ezamiyyə xərcləri ilə əlaqədar demək istərdim ki, dövlət orqanlarının ezamiyyə xərclərində Xarici İşlər Nazirliyinin xüsusi çəkisi çoxdur. Bununla belə, son zamanlar Xarici İşlər Nazirliyinin xaricdə çalışan əməkdaşlarının maaşını avro valyutasına keçirmişik və buna görə də onlar avronun ABŞ dollarına nisbətən məzənnəsinin kəskin surətdə möhkəmlənməsi şəraitində heç nə itirməyiblər. Amma təklifləri nəzərə alırıq. Onları nəzərdən keçirəcəyik.
Xarici İşlər Nazirliyinin əsas binasının təmiri ilə bağlı bunu qeyd etmək istərdim ki, təmir neçə illərdir aparılır, bunun üçün müvafiq vəsaitlər ayrılır. Bu problemlərə nazirliklə birgə baxmalıyıq.
Sədrlik edən. Samir müəllim, üzr istəyirəm, mənim də bir sualım vardır. Siz Xarici İşlər Nazirliyindən danışdınız. Bildiyiniz kimi, Milli Məclisin üzvləri də bir çox beynəlxalq təşkilatların üzvləridir. Millət vəkilləri də beynəlxalq təşkilatlara ezamiyyələrə gedirlər. Onların da ezamiyyə xərcləri dollarla verilir. Bildiyiniz kimi, Avropada otellərin qiymətləri qalxıb. Belə çıxır ki, millət vəkili iki-üç ulduzlu oteldə də qala bilmir. Bu məsələləri dəfələrlə mənim qarşımda qaldırıblar. Baş nazirlə də bu barədə danışmışdım, Sizdən də xahiş edirəm, öz fikrinizi bildirəsiniz.
S. Şərifov. Oqtay müəllim, bu problemlə biz tanışıq və bu problemin həlli istiqamətində bizim konkret təkliflərimiz var. Bu təkliflər 2008-ci ilin büdcəsində öz həllini tapıb. Biz valyuta məzənnəsi risklərini millət vəkillərimizin və ya dövlət qulluqçularının üzərinə qoymayacağıq. Bunları dövlət öz üzərinə götürəcəkdir. Gələn ildən valyuta kursları avroya keçiriləcək. Eyni zamanda, ezamiyyə və xaricdə yaşama xərclərinə də müvafiq əlavələr nəzərdə tutulub.
İcazənizlə, davam edim. Burada qaldırılan digər böyük məsələ neft amili ilə bağlı məsələdir. Buna münasibətimi bildirmək istərdim. Burada bu məsələ ilə bağlı çıxış edən İqbal Ağazadə, İltizam Əkbərli, Qüdrət Həsənquliyev və Arzu Səmədbəyli bildirdilər ki, neft amili dövlət büdcəsində çox mühümdür və bu da bizim iqtisadiyyatımız üçün müəyyən risklər yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji xətt ondan ibarətdir ki, Azərbaycanın neftdən asılılığını azaltsın və bunu bu fikirləri söyləyən deputatlar da qeyd etdilər. Bu istiqamətdə işlər gedir. Biz neft sektorundan əldə etdiyimiz gəlirləri ilk növbədə qeyri-neft sektorunun inkişafına yönəldirik.
Mən keçənilki müzakirələrdə də qeyd etmişdim ki, dövlətin gəlirlərinin strukturunda neft gəlirlərinin xüsusi çəkisi artacaqdır. Bu, artıq məntiqi bir prosesdir. Ona görə ki, 1994-cü ildə Heydər Əliyevin iradəsi ilə imzalanmış böyük neft kontraktı bu gün öz bəhrələrini verir. Bizim neft gəlirlərimiz ildən-ilə artır. Amma biz neft gəlirlərinin hamısından istifadə etmirik, bunun bir qismini Dövlət Neft Fonduna ayırırıq. Bununla biz müvafiq sterilizasiya əməliyyatlarını həyata keçiririk. Mən hesab edirəm ki, bu proseslər davam edəcəkdir.
Burada qeyd olundu ki, büdcənin əksər hissəsi neft gəlirləri hesabına formalaşıb, qeyri-neft gəlirlərinin artımı müşahidə olunmur. Mən bununla qəti razı deyiləm. Öz çıxışımda da onu qeyd etdim ki, biz artıq bu ildən başlayaraq öz gəlirlərimizi neft gəlirləri və qeyri-neft gəlirləri kimi bölürük. Bizdə bunun uçotu da aparılır. 2007-ci ildə qeyri-neft sektorundan gəlirlərin 50 faizədək artımı gözlənilir. Gələn ildə isə biz bunu 43 faiz həcmində nəzərdə tutmuşuq. Bu da onu göstərir ki, qeyri-neft sektoru artıq daha çox gəlir verməyə başlamışdır. Gömrük rüsumları da ildən-ilə artır. Bildiyiniz kimi, biz neftdən rüsumlar almırıq, çünki neft ixrac olunur. Amma gömrük rüsumları da bizdə gələn il təxminən 44 faiz həcmində artacaqdır.
Burada qeyd olundu ki, biz gəlirlərimizi inflyasiya hesabına əldə edirik. Bu çox qəribə bir fikirdir. Bu, son zamanlar qəzetlərdə də dərc olunub. Bilmirəm, bu fikirlər hansı mətbəxdə hazırlanır və sonra yayılır. Ancaq qeyd etmək istəyirəm ki, 44 faiz artımla inflyasiyanın indiki faizi 16 faizdirsə, yenə də 28 faizlə 14 faizi qarışdırmaq tamamilə düzgün deyil.
Digər məsələ. Qeyd olundu ki, bizim neft gəlirlərindən mənfəət vergimiz artmır. Bu da düzgün fikir deyil. Azərbaycan hökuməti könüllü şəkildə qərara gəlib ki, müəyyən gəlirlər, məsələn, dünya bazarında neftin qiyməti 50 dollardan çox olarsa, Dövlət Neft Şirkətinin gəlirlərinin müəyyən hissəsi Dövlət Neft Fonduna keçsin. Bu o deməkdir ki, bizdə neft gəlirlərinin payını artırmamaq məqsədi ilə düşünülmüş siyasət həyata keçirilir. Neft hasilatında həm Dövlət Neft Şirkəti, həm də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti iştirak edib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisinin artım tempinin büdcədə aşağı olması onunla bağlıdır ki, Azərbaycan ilə xarici investorlar arasında pay bölgüsü əmsalının dəyişməsi nəticəsində onlar daha az neft əldə edəcək və bunun nəticəsində daha az mənfəət vergisi ödəyəcəklər. Burada da heç bir xüsusi düşünülmüş mənfi siyasət həyata keçirilmir.
Digər məsələ ilə bağlı. Burada qeyd olunmuşdu ki, mənfəət vergisindən bizim gəlirlərimiz o qədər də düzgün təmin olunmur. 2007-ci illə müqayisədə gələn il qeyri-neft sektoru üzrə 60 faizdən çox mənfəət vergisinin tutulması nəzərdə tutulur. Bu da həmin fikirlərin həqiqətdən uzaq olduğunu sübut edir.
Əlavə dəyər vergisi ilə əlaqədar burada maraqlı fikirlər səsləndirildi. Əlavə dəyər vergisi üzrə artım 46,6 faiz, yəni bu il ilə eyni səviyyədədir. Lakin iştirak etdiyimiz bu müzakirələrdə qərar qəbul edildi ki, biz idxalda müəyyən güzəştləri aradan qaldıraq və bunun nəticəsində əlavə dəyər vergisi gəlirindən daha çox faydalanaq.
Burada deyildi ki, büdcədə sadələşdirilmiş vergi üzrə az gəlir proqnozlaşdırılıb. Bu da düzgün deyil. Bu il ilə müqayisədə 40 faiz çox gəlir əldə ediləcəkdir.
Regionlardan büdcəyə gəlirlər üzrə. Hörmətli cənab Sədr, Siz artıq bu məsələni çox peşəkarcasına şərh etdiniz. Mən ancaq onu qeyd etmək istərdim ki, bu, vergi ödəyicilərinin strukturundan asılıdır. Bildiyiniz kimi, Vergilər Nazirliyi tərkibində xüsusi vergi ödəyiciləri qurumu fəaliyyət göstərir. İri vergi ödəyiciləri həm Bakıda, həm Gəncədə, həm Sumqayıtda, həm də digər rayon və şəhərlərdə yerləşdiyindən onlar vergiləri mərkəzləşdirilmiş qaydada bilavasitə dövlət büdcəsinə ödəyirlər. Amma bununla belə, 2008-ci ildə biz rayonlardan 2006-cı ildəkindən 2,2 dəfə çox gəlir əldə edəcəyik. Bu da gələn ilin büdcəsində qeyd olunası mühüm məqamlardandır.
Burada ipoteka kreditləri ilə bağlı bir sıra məsələlər qaldırıldı. Hazırda Milli Bankın nəzdində xüsusi ipoteka fondu fəaliyyət göstərir. Fondun fəaliyyəti nəticəsində 1725 şəxs 65 milyon manat məbləğində ipoteka kreditləri almış, eyni zamanda, 109 şəxsə sosial ipoteka kreditləri verilmişdir. Bu, yeni bir sistemdir və artıq inkişaf edib. Bununla belə, bu fond yaradılarkən biz belə fikirləşirdik ki, hökumət ora müəyyən vəsait qoyduqda bu fondun fəaliyyətinə güclü təkan verəcək, daha fikirləşmirdik ki, hökumət hər il bu fonda aşağı faizlə kreditlərin verilməsi üçün vəsait nəzərdə tutacaqdır. Söhbət yalnız sosial ipotekaya hökumət tərəfindən dəstəyin verilməsindən gedə bilər. Bu dəstək də davam etdiriləcəkdir, amma fond daha çox özünü maliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərəcəkdir.
Təhsil və elmlə bağlı bir sıra məsələlər səsləndirildi. Mən o fikirlə tam razıyam ki, elmin maliyyələşdirilməsinə biz bir də baxmalıyıq. Bununla əlaqədar müvafiq təkliflər hazırlanıb və hazırda müzakirə olunur. Hesab edirəm ki, qısa zamanda bunlar tam açıqlanacaqdır. Söhbət elmin maliyyələşdirilməsi sxeminin dəyişdirilməsindən, elmi yaradıcılığın stimullaşdırılmasından gedir. Burada heç bir fikir ayrılığı yoxdur. Amma sadəcə, elmdə çalışan şəxslərə maaşların artırılması bizə heç bir fayda verməyəcək. Yəni maaşların artırılması ilə yanaşı, biz müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul etməliyik.
Burada deputatlar, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Əli Məsimli əmək haqlarının aşağı olması məsələsinə toxundular. Valeh Ələsgərov buna cavab verdi. Mən də hesab edirəm ki, maaşların artımına Azərbaycanda ölkə Prezidenti tərəfindən xeyli diqqət verilir. Təkcə onu qeyd etmək istərdim ki, MDB dövlətlərinin 1995–2007-ci illər üçün statistik məlumatlarına diqqət yetirsək, görərik ki, Rusiyada əmək haqqı 2,9 dəfə, Belarusda 4,7 dəfə, Qazaxıstanda 5,7 dəfə, Ukraynada 5,1 dəfə, Azərbaycanda isə 16 dəfə artıb. Gələn ilin büdcəsində də maaşların orta hesabla 30 faiz artımından söhbət gedir. Öz çıxışımda buna dair məlumatlar vermişdim.
Müzakirələrdə yaşayış minimumu məbləğinin aşağı olması və onun artırılmasının zəruriliyi məsələsi də qaldırıldı. Mən təkcə onu qeyd etmək istərdim ki, bu institut Azərbaycanda yenidir. Bildiyiniz kimi, “Yaşayış minimumu haqqında” Qanun bu yaxınlarda qəbul edilib və biz bu qanundan irəli gələn tədbirləri keçən il həyata keçirməyə başlamışıq. Bu proses uğurla davam edir. Bəzi ölkələrdə yaşayış minimumu barədə sizə məlumat vermək istərdim. Hazırda Qazaxıstan və Belarusda yaşayış minimumu 7, Ukraynada 82, Azərbaycanda isə indiki məzənnəni nəzərə alsaq, təxminən 77 ABŞ dolları təşkil edir. 2008-ci il büdcəsində yaşayış minimumu 80 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bununla belə, biz ehtiyacı olan vətəndaşlarımıza müvafiq sosial yardımın göstərilməsini də davam etdirəcəyik.
Burada özəlləşdirmədən əldə olunan vəsaitlərin büdcəyə daxil olması məsələsinə toxunulmuşdu. Biz özəlləşdirməni dövlət büdcəsinin əsas gəlir mənbəyi kimi qəbul etmirik. Ona görə bu gəlirdən yalnız büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi istifadə olunur. Şərt deyil ki, bizim orada göstərdiyimiz rəqəm gəlir kimi qəbul edilsin, ondan xeyli artıq vəsait də daxil ola bilər. Burada da böyük problemlər yoxdur.
Əmanətlərin qaytarılması məsələsinə hörmətli cənab Sədr, Siz toxundunuz. Bu məsələnin müzakirəsinə ehtiyac var, burada bir sıra problemli məqamlar var və onları biz, yəqin ki, daha çox müzakirə etməliyik.
Burada cənab Prezidentin ehtiyat fonduna dair bəzi fikirlər səsləndirildi. Onlara münasibətimi bildirmək istərdim. Prezidentin ehtiyat fondu büdcə sistemi haqqında qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir. Qanunda göstərilib ki, Prezidentin ehtiyat fondu dövlət büdcəsi xərclərinin 2 faizinədək həcmdə müəyyənləşdirilə bilər. Burada qanunvericiliyin tələbləri gözlənilib. Bu məsələni qaldıran deputatlara tövsiyə etmək istərdim ki, o qanunu oxusunlar. Orada yazılıb, Prezidentin ehtiyat fondunun vəsaitləri hansı istiqamətlərə yönəldilə bilər. Yəni o vəsaitlər qanunda nəzərdə tutulmayan istiqamətlərə yönəldilə bilməz. Qanunda bu öz əksini tapıb. Ona görə burada narahatçılıq üçün heç bir əsas yoxdur.
İltizam Əkbərli qeyd etmişdi ki, Hesablama Palatasının rəyində özəl sektorun payının aşağı endiyi göstərilib. Bunu haradan götürüb, bilmirəm. Biz Hesablama Palatasının rəyinə baxdıq. Orada elə bir qənaət yoxdur və elə bir qənaət olsa belə, bu, həqiqətə uyğun deyil. Çünki vəziyyət tam əksinədir.
Deputat Pənah Hüseynin çıxışına mən çox diqqətlə qulaq asdım. Burada haradansa əlavə 5 milyard manat tapmaq istədi. Mən başa düşə bilmədim, o həmin vəsaiti hansı gəlirlər hesabına formalaşdırmaq istəyir.
Toxunmaq istədiyim digər məsələ risklərlə bağlıdır. Bizim büdcəmizin mümkün riskləri nəzərə almaması barədə irəli sürülən ittiham da əsassızdır. Ona görə ki, bu gün dünyada neftin qiyməti 90 ABŞ dolları səviyyəsindədir. Amma bizim büdcəmiz neftin qiymətini 50 ABŞ dolları səviyyəsində nəzərdə tutub. Yəni gəlirlər buna əsasən tərtib olunmuşdur. Hökumət tərəfindən çox konservativ yanaşma nümayiş etdirilir. Buna görə də mən hesab etmirəm ki, biz hər hansı riskləri nəzərə almırıq. Digər riskləri nəzərə alaraq bizdə müvafiq ehtiyatlar da yaradılıb. Lazım gəldikdə həm dövlət büdcəsi fondu, həm də Prezidentin ehtiyat fondu vasitəsi ilə biz müvafiq tədbirləri maliyyələşdirə biləcəyik.
Deputat Nəsib Nəsibli kitabxanaların təmiri ilə bağlı narahatçılığını bildirmişdir. Narahatçılıq üçün heç bir əsas yoxdur. Ölkə Prezidenti tərəfindən Azərbaycanda kitabxanaçılıq işinin təşkil edilməsinə dair xüsusi dövlət proqramı imzalanmışdır və bu proqram üzrə müvafiq tədbirlər görülməkdədir. İlk növbədə Mirzə Fətəli Axundov adına kitabxananın əsaslı təmiri həyata keçiriləcək, onun maddi-texniki bazası möhkəmləndiriləcək. Azərbaycanda müasir tələblərə cavab verən bir sıra kitabxana mərkəzləri yaradılacaq və bu mərkəzlər üçün müvafiq kitab və ədəbiyyat alınacaqdır.
Burada sahibkarlığa vəsaitin az ayrılmasından da söhbət getdi. Bu da əsassız ittihamdır. Ona görə ki, sahibkarlığa ildən-ilə daha çox vəsait ayrılır. Bəli, 2008-ci ilin büdcəsində bu ildəki qədər, yəni 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Lakin biz onu da nəzərə almalıyıq ki, Azərbaycan hökuməti tərəfindən 2003-cü ildən başlayaraq bu sahəyə vəsait ayrılır. Gələn il sahibkarlıq milli fondunda olan vəsaitlərin həcmi artıq 300 milyon manata çatacaq. Bu çox böyük rəqəmdir. Ona görə də burada da heç bir problem yoxdur.
Bildiyiniz kimi, sahibkarlığa digər yollarla da vəsait verilir. Bu yollar hansılardır? Bilirsiniz ki, Azərbaycan bir sıra beynəlxalq maliyyə qurumlarının üzvüdür. Bu qurumlara üzv olmaqda məqsədimiz ondan ibarətdir ki, bizim özəl müəssisələrimiz bu qurumlardan kreditlər cəlb etsinlər. Milli Bankın sədri burada öz çıxışında qeyd etmişdi ki, artıq bizim banklarımız xaricdən maliyyə vəsaitləri cəlb edir və onları xalq təsərrüfatımızın inkişafı üçün sahibkarlıq subyektlərinə kredit şəklində verirlər.
Kənd təsərrüfatı sahəsinin inkişafına da hökumətin dəstəyi var. Burada aqrolizinqdən söz açıldı. Dünya Bankı xətti ilə bu məqsədlə, o cümlədən kənd təsərrüfatında mikrokreditlərin paylanması üçün bir neçə kredit götürülüb. Həm bu il, həm də növbəti ildə nəzərdə tutulub ki, kənd təsərrüfatında fəaliyyət göstərən fermerlərə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən dövlət kredit agentliyi xətti ilə 5 milyon manat verilsin. Kənd təsərrüfatında da bildiyiniz kimi, dövlət tərəfindən bütün vergilər ləğv edilib. Sadəcə, torpaq vergisi ödənilir. Bu da dəstəkverici tədbirlərdən biridir.
Burada rayonlarla bağlı müxtəlif təkliflər, xahişlər var idi. Biz deputatlar tərəfindən verilmiş bu təkliflərin hamısını qeyd etmişik. Onları əlaqədar nazirliklər və dövlət qurumları ilə birlikdə araşdırıb, çalışacağıq nəzərə alaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Fasilə elan olunur. Müzakirələri fasilədən sonra davam etdirəcəyik.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, mətbuat işçiləri, xanımlar və cənablar! Artıq iki gündür ki, biz xalqın, dövlətin tale əhəmiyyətli problemlərinin həllinə xidmət edən ciddi bir sənədi – gələn ilin büdcə layihəsini müzakirə edirik. Bu büdcə layihəsi barədə çox maraqlı fikirlər söylənilibdir. Fikirlər müxtəlifdir. Büdcənin pozitiv, müsbət cəhətləri barədə daha çox deyilib, müəyyən qüsurlar da qeyd edilib. Bu büdcə barədə hər kəsin özünün şəxsi fikri, fərqli nöqteyi-nəzəri ola bilər. Amma mən hesab edirəm ki, bizim müzakirə etdiyimiz bu sənəd ötən illərə baxanda çox təkmil, mükəmməl və büdcə-maliyyə problemləri ilə əlaqədar olan bütün məsələləri incəliklərinə qədər özündə ehtiva edən bir sənəddir. Açıq bildirək ki, biz büdcəni müzakirə etmirik, – məndən əvvəl deputat həmkarlarımın bəziləri bunu dedilər, – biz Azərbaycanın tərəqqisini, inkişafını, keçdiyi yolu və onun qarşısında duran maliyyə-iqtisadi problemləri müzakirə edirik.
Bu bir həqiqətdir ki, Azərbaycan özünün inkişaf tempinə görə dünyada birinci yeri tutur. Ölkəmiz Qafqaz regionunda sülhün, iqtisadi sabitliyin nümunəsinə çevrilmişdir. Bu bizim böyük qələbəmizdir. Azərbaycan Avropanın enerji təminatı probleminin həll edilməsində əhəmiyyətli rolu olan dövlətlərdən birinə çevrilmişdir. Azərbaycan haqqında düşündüklərimi incəliklərinədək demək, xırdalıqlara varmaq istəmirəm. Ölkəmizin hər sahədə böyük nailiyyətləri var. O nailiyyətləri mən 5 dəqiqə ərzində, çox güman ki, əhatə edə bilməyəcəyəm.
Burada neft məsələsi müəyyən polemikaya səbəb oldu. Mən hesab edirəm ki, 1993-cü ildən bəri Azərbaycanda maşınların sayı ən azı 50 dəfə artmışdır. Bu sahədə həm kəmiyyətcə, həm də keyfiyyətcə böyük irəliləyiş var. Amma 1992-ci ildən 1993-cü ilə qədər ölkəmizdə maşınların yanacaqla təminatında problemlər var idi. Bu gün Azərbaycan belə problemlərdən çox uzaqdır.
Bu gün elə rayonlarımız, kəndlərimiz var ki, orada şüşə kimi yollar çəkilir, – hələ mən mərkəzi demirəm, – körpülər salınır. Mən İmişli rayonunda bir ağsaqqalın dediyi sözü burada dilə gətirmək istəyirəm. O mənə dedi ki, 12 kəndin mal-qarası, evi, varı, hətta torpaq payı satılsaydı belə, bizim kəndləri, habelə Kürdəmir şosesi ilə İmişli rayon mərkəzini birləşdirən yolların təmiri ilə əlaqədar xərcləri ödəməzdi. Əlbəttə, burada bir həqiqət var. Çünki xərclərin tək ödənilməsi yox, həm də həmin xərclərin halallıqla sərf olunması məsələsi nəzərdə tutulurdu.
Büdcəmizi bu gün müzakirə etdik. Mən bu büdcəni müəyyən olunmuş iqtisadi strategiyanın nailiyyəti hesab edirəm. Mən hesab edirəm ki, bu büdcəyə bütün deputatlar yekdilliklə səs verəcəklər. Mən 2008-ci ilin büdcə layihəsinə səs verəcəyimi bildirir və bütün deputat həmkarlarımı ona səs verməyə çağırıram. Bu sənəd Prezidentimizin zəhmətinin, gərgin əməyinin, möhkəm iradəsinin və xalqa olan məhəbbətinin bilavasitə nəticələrini göstərir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar, hökumət üzvləri! Bu gün müzakirə edilən büdcə zərfi, əlbəttə, uğurların bariz nümunəsidir. Mən büdcənin uğurları barədə çox danışmayacağam, yalnız bunu deyəcəyəm ki, bu gün beynəlxalq qurumlar Azərbaycanda insan hüquqları minimumundan insan hüquqları maksimumuna keçməyimizi etiraf edirlər. Bizim milli etirafımızdan yuxarıda artıq beynəlxalq etiraf var. Bu da birmənalıdır.
Bu gün Milli Məclisdə müzakirə zamanı eşitdiyimiz fikirləri bir neçə il bundan qabaq eşitdiyimiz fikirlərlə müqayisə edərkən bunların mahiyyətinin, məzmununun nə qədər dəyişilməsinin şahidi oluruq. Vaxt var idi ki, mən Balakəndə bir bağça açmaq üçün Baş nazirə müraciət edirdim, bunun uğrunda mübarizə aparırdım. Amma bu gün belə problemlər yoxdur.
İstər təhsil sahəsində, istərsə də digər sahələrdə böyük problemlər var. Büdcədə insan amilinin, insan kapitalının ortaya qoyulması bütün müddəalarda öz əksini tapıb. Mən iqtisadçı deyiləm və büdcədəki bütün rəqəmləri bir-bir analiz etmək fikrim yoxdur. Ancaq mənim bir sualım var. Bu gün elm haqqında çox danışıldı. Elmdən danışdığımız halda Milli Elmlər Akademiyasının prezidenti niyə burada yoxdur? Milli Elmlər Akademiyasında elmi avadanlığa ayrılacaq ümumi məbləğ haqqında burada material var. Əgər biz dünya elminə inteqrasiya etmək istəyiriksə, anlamalıyıq ki, inteqrasiya bərabər tərəflərin birgə əməkdaşlığıdır. Azərbaycanın dünya elminə inteqrasiyası üçün milyonlar lazımdır.
Bununla əlaqədar mən hörmətli maliyyə naziri ilə də danışdım. O da razılaşır ki, ayrılan vəsait azdır. Amma belə bir fikir irəli sürürlər ki, Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilməlidir. Bununla da razıyam. Struktur dəyişikliyi etmək üçün isə orada çalışan yaşlı insanların işdən uzaqlaşdırılması lazımdır. Necə uzaqlaşdırılması? Gözəl istirahətə getməsi, təqaüdə çıxması lazımdır. Elə isə mən sual verirəm: Milli Elmlər Akademiyasında çalışan, 200–300 Azərbaycan manatı alan insanları pensiyaya göndərərkən 60 manatla necə dolansınlar? Onda hansı struktur dəyişikliyindən biz danışa bilərik? Mən razıyam. Akademiyadakı dəyişikliklər üçün böyük layihələr lazımdır və dövlətin yükü yüngülləşdirilməlidir. Ancaq dövlət haradan alacaq bu pulu? Valeh müəllim dünən deyirdi ki, deyin görək pulu haradan alacağıq? Milli Elmlər Akademiyası üçün milli donor institutu yaradacağıq? Sahibkarlardan pulu alıb onları vergilərdən azad edəcək və sahibkarların sifarişi ilə həmin pulu Elmlər Akademiyasına verəcəyik? Elə layihələr var ki, onları dövlət maliyyələşdirməlidir. Amma ali məktəbləri, digər tədqiqat müəssisələrini milli donor institutu maliyyələşdirməlidir.
Digər bir məsələni də gündəmə gətirmək istəyirəm. Həmin məsələ Azərbaycanda uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsidir. Bu məqsədlər üçün sənəddə 0,3 milyon manat pul ayrılıb. Oqtay müəllim, hər uşaq götürən ailəyə 15 manat pul verilir. Hansı ailə gedib uşaq götürəcək və ona necə baxacaq? Bu məbləğ kifayət qədər azdır. Mən çox istərdim ki, dövlət proqramlarının yanında onlara ayrılan ümumi məbləğ də qoyulsun. 2006–2015-ci illər üçün dövlət proqramına nə qədər pul ayrılır və uşaq götürən ailəyə hansı əlavə müavinətlər veriləcək?
Bu gün Azərbaycanda epilepsiya xəstəliyi olan uşaqların, nəinki uşaqların, insanların sayı artıb. Bu yaxında eşidirəm ki, Azərbaycana Rusiyadan Nonkin, Petrukin adlı iki alim gəlir və ayrı-ayrı xüsusi klinikalarda epilepsiya xəstəliyi olan uşaqları, insanları qəbul edirlər. Nə üçün proqramların içində bircə dənə də Azərbaycandakı epileptoloji müəssisə haqqında məlumat yoxdur? Bunlar bizim övladlarımız, uşaqlarımızdırlar. Moskvada deyirlər ki, filan-filan sahələr üzrə sizin kadrlarınız yoxdur. Bütün bunlar bizim hamımız üçün olduqca vacib cəhətlərdir.
Sonda, necə olur ki, bu gün Azərbaycanın xalq artisti 80 manat maaş alır? Bu hansı məntiqə sığışır? Minimum əmək haqqını 70 manatadək artırdıq. Deməli, xalq artistinin, uzun illər fəaliyyət göstərmiş bir insanın aldığı maaş 80 manatdır. Çox şeylər demək olar. Mən başa düşürəm ki, müasir mərhələnin özünəməxsusluğu, tələbləri var. Amma gəlin, yenə də maliyyə axtaraq. Deyirlər ki, maliyyə naziri peyğəmbər olmalıdır, qabaqcadan hər şeyi görməlidir. Mən razıyam, Samir müəllim çox bacarıqlı, peşəkar və xaricdə təhsil almış gözəl mütəxəssisdir. Mən çox istərdim ki, bu məsələ ilə bağlı fikrini desin. Bir də uşaq evlərindən 16–17 yaşında uşaqlar...
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli nazirlər və hökumət nümayəndələri! Doğrudan da, təqdim olunan büdcə zərfi öz əhəmiyyəti etibarı ilə çox mühüm sənəddir, bu gün ölkənin siyasi, ictimai, mədəni, iqtisadi, sosial həyatında önəmli yer tutur. Bu sənəd Azərbaycan iqtisadiyyatında qərarlaşmış iqtisadi situasiyanı, Azərbaycan iqtisadiyyatının imkanlarını və inkişaf meyillərini tamamilə nəzərə alaraq çox mükəmməl tərtib olunmuşdur. Diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri büdcənin tərtib olunmasında “Dövlət büdcəsi haqqında” Qanunun tələblərinin və normalarının qorunmasıdır.
Digər mühüm cəhət büdcə layihəsinin hazırlanmasında həm ölkə daxilində baş verən iqtisadi proseslərin, həm də ölkə hüdudlarından kənarda qlobal konyunktura dəyişikliklərinin nəzərə alınmasıdır ki, bu da büdcənin yerinə yetirilməsi istiqamətində riskin minimum səviyyəyə endirilməsi deməkdir. Birinci növbədə, büdcədə neftin qiymətinin 50 dollar civarında göstərilməsini, eləcə də ehtiyatların lazımi səviyyədə nəzərə alınmasını və ən başlıcası isə antiinflyasiya tədbirlərinin düzgün müəyyən olunmasını nəzərdə tuturam.
Daha bir cəhət düzgünlük, şəffaflıqdır. İstər gəlirlər üzrə, istərsə də xərclər üzrə elə bir maddə yoxdur ki, ünvanlı, şəffaf olmasın. Digər büdcələrdən fərqli olaraq bu il ilk dəfədir ki, Azərbaycan dövlət büdcəsi həm sosial, həm də investisiya yönümlüdür. Başqa sözlə desək, geniş, təkrar istehsal yönümlüdür. Bu çox önəmlidir. Mən əlavə edərdim ki, builki büdcə ilk dəfə olaraq optimal səviyyədədir. Bu nə deməkdir? Əvvəla, bütün maddələr üzrə xərclərin həddi müəyyən proporsiyalara, qəbul edilmiş normativlərə uyğun tərtib olunmuşdur. Digər tərəfdən, bu gün Azərbaycan iqtisadiyyatının həzm etdiyi miqdarda büdcə vəsaiti ayrılmışdır. Bu da çox vacib məsələdir. Artım tempinə gəlincə göstərmək lazımdır ki, artım tempinə görə büdcəmizi bu gün dünyanın heç bir ölkəsinin büdcəsi ilə müqayisə etmək olmaz, analoqu yoxdur. Əldə olunan nəticələr də göz qabağındadır. Mən əminəm ki, bu büdcənin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanın növbəti ildə iqtisadi-sosial inkişaf sahəsində çox ciddi, irəliyə doğru addım atmasına şərait yaradacaqdır.
Hörmətli millət vəkilləri, vaxtın az olması ilə əlaqədar istər büdcə konsepsiyası, istər makroiqtisadi situasiya, istər büdcə kəsiri, inflyasiya, xüsusi ilə istehsal xərclərinin inflyasiyası, istərsə də humanitar siyasət, manatın məzənnəsi, devalvasiyası, regional siyasət haqqında Elm və təhsil məsələləri daimi komissiyası konkret təkliflərini və iradlarını yazılı surətdə hökumət nümayəndələrinə təqdim edəcəkdir.
Bu gün mən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bu büdcədə elm və təhsilə lazımi miqdarda vəsait ayrılmışdır. Bu vəsait imkan verir ki, növbəti ildə təhsil sahəsində islahatları daha da genişləndirək və dərinləşdirək. Təhsildə çox ciddi dönüşün yaradılması üçün büdcə vəsaiti lazımi miqdardadır. Hətta əmək haqqının artırılması üçün də müəyyən miqdarda vəsait nəzərdə tutulub. Lakin mən iki məsələni nəzərinizə çatdırmaq istəyirəm. Birinci məsələ elmi dərəcələrə görə alimlərə verilən əmək haqqının artırılmasıdır. Bizim hesablamalarımıza görə həmin məqsəd üçün cəmi 22–25 milyon Azərbaycan manatı tələb olunur ki, bu da bizim büdcəmizin imkanları daxilindədir. Çox xahiş edirəm, bu, nəzərə alınsın, çünki bunun təkcə iqtisadi yox, həm siyasi, həm də ictimai əhəmiyyəti var. İkinci məsələ...
Sədrlik edən. Çox sağ olun, Şəmsəddin müəllim. Fəttah Heydərov.
F. Heydərov. Çox hörmətli cənab Sədr, hörmətli deputat həmkarlar, hörmətli qonaqlar! Artıq bir neçə gündür ki, biz çox mühüm bir məsələni müzakirə edirik. Qarşımızda 2008-ci ilin dövlət büdcəsinin göstəriciləri var. Bütün iqtisadi göstəricilər oradadır. Mən bir il bundan qabağı xatırlamaq istəyirəm. Burada, oturduğum yerdə onları xatırlayıram. Keçənilki zərfdə yazılan maddələr artıq bu gün müstəqil Azərbaycanımızda reallığa, maddi nemətə, insanların firavanlığına çevrilmiş bir proqram olmuşdur.
Bu bir il ərzində təkcə mənim millət vəkili olduğum Qəbələ rayonunda büdcənin yaratdığı şərait nəticəsində görülən işləri gözdən keçirsək, ümumiyyətlə, Azərbaycanda büdcənin nə qədər böyük fayda verdiyinin, Azərbaycan insanına xidmət etdiyinin şahidi ola bilərik. Məktəblər tikilmişdir, sel sularının qarşısını almaq üçün çoxlu bəndlər çəkilmişdir, Qəbələ şəhərinin özündə və Qəbələ rayonunun kəndlərində kəndarası yollara 30 kilometr asfalt salınmışdır. Burada sənaye müəssisələri tikilmişdir. Artıq orada bu yaxınlarda diaqnostika mərkəzinin açılışı planlaşdırılır. Gimnaziya binası tikilmişdir və sair. Bunları sayıb vaxt almaq istəmirəm. Ancaq bir rayonun timsalında keçənilki büdcənin yerinə yetirilməsinin nə qədər real olduğunun mən özüm şahidiyəm. Deputat həmkarlarımın hər biri millət vəkili seçildiyi rayonlarda, yerli əhali arasında bu rəyləri eşidə, görə bilər.
Mən bu günə qədər Milli Məclisin iclaslarında 12 il ərzində həmişə bir məsələ barəsində danışmışam və bu dəfə də həmin məsələdən yan keçmək istəmirəm. Turizmin inkişafı büdcədə qabarıq şəkildə göstərilməlidir, çünki burada qeyd olunduğu kimi, bəzi narahat edən məsələlərin əksəriyyəti Azərbaycanda turizmin inkişafı ilə aradan qaldırılacaqdır. Kəndli istehsal etdiyi məhsulu sata biləcək, insanların rifahı, yaşamaq üçün şərait həm mədəni, həm də digər cəhətlərdən inkişaf edəcək və eyni zamanda, Azərbaycanımızın dünya dövlətləri içərisində hörməti, nüfuzu artacaqdır.
Mən hörmətli Prezidentimiz İlham Əliyevin apardığı xarici, daxili, xüsusi ilə iqtisadi siyasəti ürəkdən bəyənirəm və hesab edirəm ki, növbəti büdcənin həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqilliyi bir daha möhkəmlənəcəkdir. Burada sadalanan nöqsanların aradan qaldırılması üçün yalnız biz insanlar çalışmalıyıq. Mən büdcəyə səs verəcəyəm. Təklif edirəm ki, bundan sonra, hörmətli Sədr, həddən artıq təkrar çıxışlar eşidirik və razı olsanız, müzakirələri bununla yekunlaşdıraq.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli cənab Sədr, hörmətli müzakirə iştirakçıları! Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında, təbii ki, çox danışmaq olar. Amma ilk növbədə bu büdcəni əks etdirən real faktlara, real nəticələrə söykənmək lazımdır. Reallıq ondan ibarətdir ki, bir neçə il ardıcıl olaraq Azərbaycanın beynəlxalq kredit reytinqi ildə davamlı olaraq bir pillə yüksəlir. Bu, beynəlxalq institutların verdiyi real qiymətdir. Mənə elə gəlir ki, biz büdcənin müzakirəsi zamanı obyektiv reallıqlara söykənmək istəyiriksə, bunu mütləq nəzərə almalıyıq. 2007-ci ildə qeyri-neft sektorunda ümumi daxili məhsulun 10 faiz real artımı gözlənilir. Həm yüksək rəqəmdir, həm də faiz etibarı ilə real artım göz qabağındadır.
Büdcənin müsbət cəhətlərindən biri ondan ibarətdir ki, məndən əvvəl çıxış edən natiqlər qeyd etdilər, Azərbaycan büdcəsi ildən-ilə daha çox investisiya yönümlü büdcəyə çevrilir. Getdikcə sosial istiqamət nisbətən zəifləyir və investisiya yönümlü büdcəyə çevrilir. Bu da sözsüz ki, Azərbaycan iqtisadiyyatının düzgün istiqamətdə inkişaf etdiyindən xəbər verir. Bu il daha mütərəqqi, müsbət cəhət ondan ibarətdir ki, investisiyaların xüsusi çəkisində daxili investisiyalar artıb və 53,8 faiz təşkil edib və xarici investisiyalar 46,2 faizdən ibarətdir. Bu, sözsüz ki, ölkə iqtisadiyyatının artıq investisiya qabiliyyətli olmasını sübut edir. Bir daha dedim ki, bu, Azərbaycan iqtisadiyyatının çox müsbət, real perspektivlərindən xəbər verir.
Sözsüz, büdcə barədə danışdıqda tənqidi məqamlar da yer almalıdır. Antiinflyasiya tədbirlərinin, antiinhisar siyasətinin gücləndirilməsi, korrupsiya ilə ciddi mübarizə, sözsüz, büdcəmizin daha mükəmməl təqdimatına səbəb olardı. Amma bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, bəli, bu büdcəni tənqid etmək olar, amma bu büdcəni rədd etmək, düşünürəm ki, qeyri-obyektivlik və qeyri-peşəkarlıqdan irəli gəlir.
Büdcə ilə bağlı bir neçə məqamı demək istəyirəm. Bir çox sahələrə ayrılan vəsaitin artırılmasından daha çox bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasından danışmaq lazımdır. Təhsillə bağlı deyə bilərəm. Bu yaxınlarda bir jurnalist məndən soruşdu ki, görəsən Qarabağ problemi bizim üçün daha önəmlidir, yoxsa təhsil? Sözsüz, mən düşünürəm ki, bu problemlərin hər ikisi Azərbaycanın prioritet problemləridir. Təhsilimiz yoxdursa, torpaqlarımıza da sahib çıxa bilməyəcəyik. Bu baxımdan təhsildə idarəetmənin səviyyəsinin yüksəldilməsi, təhsildə idarəetmənin peşəkarlaşdırılması, təhsil islahatlarının sürətlənməsi, mənə elə gəlir, vacib məqamdır.
Elmlə bağlı qeydlərimi demək istəyirəm. Dünya praktikasında yayılmış bir təcrübə var ki, əgər büdcənin 3,4 faizi elmə yönəldilirsə, o zaman elmin istehsalata tətbiqi sahəsində uğurlar əldə etmək olar. Elm istehsalatda, real həyatda öz bəhrəsini verirsə, onun mövcudluğu əsaslı olur. Bu baxımdan elm sahəsinə diqqət artırılmalıdır və həmin vəsait isə sistemlərin strukturlarının təkmilləşdirilməsi sahəsinə yönəldilməlidir. Dövlət büdcəsində bu sahələrə daha çox yer ayrılır. Struktur dəyişilməlidir, struktur təkmilləşməlidir.
Bir məqamı da qeyd etmək istəyirəm. Neft amilinin güclü olmasından danışılır. Bu belə də olmalıdır. Azərbaycan neft ölkəsidir, Azərbaycan nefti Azərbaycan xalqının milli sərvətidir. Bu milli sərvətin dövlət büdcəmizdə əhalinin real həyatında əks olunması təəccüb doğurardı. Bu baxımdan Azərbaycanın dövlət büdcəsində neft amilinin çəkisinin kifayət qədər ciddi olması obyektiv reallıqdan irəli gələn faktdır. Burada qəbahət axtarmaq düz deyil, bunun əksini etmək daha düzgün olardı. Ancaq eyni zamanda, qeyri-neft sektorunun inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması göz önündədir, bu istiqamətdə ciddi addımlar atılır. Azərbaycan Prezidenti də hər bir çıxışında qeyri-neft sektorunun inkişafına diqqətini, qayğısını ifadə edir.
Mən bir məsələni də qeyd edim. Azərbaycan neftlə yanaşı, kənd təsərrüfatı ölkəsidir. Təəssüf hissi ilə qeyd edim ki...
Sədrlik edən. Gültəkin xanım, çox təəssüf ki, vaxtınız bitdi. Aynur Quliyeva.
A. Quliyeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Müzakirəmizə təqdim olunan 2008-ci ilin dövlət büdcəsinin layihəsi, təbii ki, kifayət qədər ciddi bir sənəddir. Mən də öz növbəmdə bu sənədi hazırlayan insanlara təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, 2008-ci il Prezident seçkiləri ilidir. 2008-ci il icmal büdcəsinin 10 milyard manatdan artıq olması, belə bir yüksək səviyyədə artımı, təbii ki, seçkiyə hazırlaşan dövlət başçımızın reytinqi üçün kifayət qədər ciddi və təqdirəlayiq göstəricidir.
Amma mən bir məsələyə diqqəti yönəltmək istəyirəm. Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, 2008-ci ilin dövlət büdcəsində maaşların 30 faiz artırılması nəzərdə tutulub. Bayaq diqqətlə qulaq asdım, hörmətli Rəbiyyət xanım bizim ölkəmizdə xalq artistinin cəmi 80 manat maaş almasını xatırlatdı. Əgər 80 manat maaş il ərzində 30 faiz artacaqsa, bu həmin xalq artistinin büdcəsində hansı dəyişikliyi edəcək? Ona görə mən arzu edərdim və hökumət üzvlərindən xahiş edirəm ki, maaşların artırılması məsələsinə yenidən baxılsın, çünki büdcədəki artım orta statistik azərbaycanlının yaşam tərzində, güzəranında mütləq hiss olunmalıdır. Əgər ayda 50–60 manat maaş alanın maaşı 25–30 faiz artacaqsa, bu onun üçün heç nəyi dəyişməyəcək. Mən düşünürəm ki, maaşların mövcud məbləğlərinin 2–3 dəfə artırılması daha düzgün olardı və insanlar da bizim büdcəmizdəki ciddi artımların xeyrini hiss edə bilərdilər.
Bundan əlavə, mən müharibə rayonlarındakı problemləri xatırlatmaq istərdim. Ötən 2007-ci ilin büdcə layihəsini müzakirə edərkən təklif etmişdim ki, müharibə rayonlarına münasibət bir qədər fərqli olsun, çünki burada faktik müharibə getməsə də, əhali düşmən gülləsi ilə üz-üzədir. Bu səbəbdən də insanların çoxu əkin sahələrindən istifadə edə bilmirlər. Onların dövlət vergisindən azad olunması, onlar üçün bir sıra güzəştlərin nəzərdə tutulması, heç şübhəsiz, həmin ərazilərdə ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ciddi addım ola bilər.
Bundan əlavə, çox xahiş edirəm ki, əgər 2008-ci ilin büdcəsinə salmaq mümkündürsə, müharibə gedən rayonlarda, konkret olaraq aran rayonlarını nəzərdə tuturam, bizim hərbi hissələrimizin yerləşməsinə baxmayaraq, atəşkəs pozulur, əsgərlərimiz yaralanırlar, dünyalarını dəyişirlər. Mənim təmsil etdiyim Tərtər rayonu da daxil olmaqla həmin bölgədə hərbi hospital yoxdur. Yəqin, büdcə sənədinə bir daha baxılacaq, çox xahiş edərdim, əgər mümkünsə, bu məsələ nəzərdən keçirilsin. Vaxtım bitmək üzrədir, ancaq bir məsələni də qeyd etmək istərdim. Mənim təmsil etdiyim Tərtər rayonunda son 10 ildə yeni bir məktəb tikilməyib. Yalnız Heydər Əliyev Fondunun xətti ilə iki məktəb əsaslı təmir olunub. Bilirsiniz ki, Qarabağ müharibəsi zamanı Tərtər müharibə meydanı olub, burada məktəblərdən hərbi hissələrin qərargahı kimi istifadə edilib. Bu da həmin binaların yarıtmaz vəziyyətə düşməsinə səbəb olub. Yaxşı olardı ki, həmin məktəblər təmir edilsin. Bu da, şübhəsiz, təhsilin səviyyəsinin yüksəldilməsi deməkdir.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət təmsilçiləri və mətbuat nümayəndələri! Məndən öncə çıxış edən həmkarlarım dövlət büdcəsi haqqında müxtəlif fikirlər söylədilər. Mən tamamilə kənar bir şəxsin, ATƏT-in yenicə təyin olunmuş məruzəçisi xanım Yelena Jivkovanın fikirlərini səsləndirmək istəyirəm. Jivkova bu günlərdə verdiyi bir müsahibədə Azərbaycanı sürətlə yeniləşən, müasirləşən bir ölkə kimi təqdim etdi. Mənə elə gəlir ki, bu, ölkənin ümumi inkişafına və hətta dolayı yolla müzakirə etdiyimiz dövlət büdcəsinə verilən bir qiymət kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, dövlət büdcəsini təhlil edəndə diqqətinizi bir məqama çəkmək istəyirəm. Məlumdur ki, ölkə rəhbərliyi tərəfindən təyin olunmuş çox mühüm strateji hədəflər mövcuddur. Dövlət büdcəsinin tərtibində məhz bu strateji hədəflər vacibliyi nöqteyi-nəzərindən çox düzgün ardıcıllıqla qeyd olunmuşdur. Yəqin, razılaşarsınız ki, dövlətimiz qarşısında duran ən uğurlu strateji hədəf torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər fikir verdinizsə, dövlət büdcəsində müdafiə sahəsinə, məhz bu strateji hədəfə ən çox maliyyə tutumlu vəsait ayrılmışdır.
İkinci strateji hədəf isə dövlətimizin, ölkəmizin təbii resurslara söykənmiş inkişafını yaxın zamanlarda texnoloji resurslara çevirmək strategiyasıdır. Bu hədəf də, mənə elə gəlir ki, dövlət büdcəsinin tərtibində çox düzgün qiymətləndirilmiş və maliyyə tutumu nöqteyi-nəzərindən ikinci vəsait məhz təhsilə ayrılmışdır. Bu, strateji hədəfə yönəlmiş məqsəddən ibarətdir.
Üçüncü strateji hədəf isə, yəqin ki, razılaşarsınız, insan kapitalıdır. Dövlət büdcəsindən məhz insan kapitalının inkişaf etdirilməsi üçün üçüncü ən mühüm maliyyə vəsaiti ayrılmışdır. Buraya sosial sahə, hesab edirəm ki, hətta səhiyyə sahəsi də aid edilə bilər.
Hörmətli hökumət nümayəndələri! Yəqin ki, fikir verdiniz, məndən öncə çıxış edən millət vəkillərinin, demək olar, əksəriyyəti heç də büdcədən ayrılan vəsaitin azlığı deyil, bu vəsaitin necə xərclənəcəyi, dövlət büdcəsindən necə istifadə ediləcəyi, vəsaitin hansı istiqamətdə yönəldilməsi haqqında fikirlər söylədilər. Mənə elə gəlir ki, bunu da təbii qarşılamaq lazımdır. Deyirlər: pulu qazanmaq asandır, xərcləmək isə çətin.
Təbii ki, mənə doğma olan aqrar sahə ilə bağlı fikirlərimi bildirmək istərdim. Burada qeyd olundu, dövlət büdcəsində aqrar sahədə artım cəmi 3,2 faiz nəzərdə tutulmuşdur. Yalnız bir faktı qeyd etmək istəyirəm ki, hazırda aqrar sahə üzrə bir aqrar elm mərkəzi fəaliyyət göstərir, 14 elmi tədqiqat institutu var və orada 2700-dən çox elmi işçi çalışır. Bu sahəyə bir ildə əmək haqqı formasında yalnız 157 min manat vəsait nəzərdə tutulmuşdur. Bəzi çıxışlarda belə fikir səsləndi ki, Azərbaycan kəndlisi, torpaq adamları ölkənin ümumi inkişafında, ümumiyyətlə, passivdirlər.
Mən bir neçə rəqəmi diqqətinizə çatdırmaq istəyirəm. Bu gün Azərbaycan kəndlisi 8 milyon 500 min yalnız xırdabuynuzlu heyvan bəsləyir. İribuynuzlu heyvanların sayı isə 2 milyon 200 mindir. Sovet dövründə bu yox idi. Bəs bu gün Azərbaycan kəndinə nə lazımdır? Mən hesab edirəm ki, ən başlıca məsələ məhsuldarlığın artırılması və bunun necə əldə edilməsidir. Bəlkə də bunun üçün o qədər vəsait tələb olunmur. Dövlət qayğısı nöqteyi-nəzərindən yalnız bir məqamı qeyd etmək istəyirəm. Bu günlərdə, bilirsiniz, buğda istehsalçıları üçün dövlət başçısı tərəfindən hər hektara 40 manat əlavə vəsait ayrılıb. Lakin aqrar sahədə inkişaf təkcə torpağa, kəndlinin...
Sədrlik edən. Xahiş edirəm, vaxt məsələsində diqqətli olun. Məjlum müəllim, maliyyə naziri bu məsələlərin bəzilərinə cavab verdi, yəqin, gələn dəfə yenə bəzi sualları cavablandırarlar. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş qonaqlar! Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin 4 illik fəaliyyəti dövründə imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla ölkəmizin bütün sahələrində dinamik inkişaf təmin edilmiş, seçkiqabağı verdiyi vədlər əməli fəaliyyəti ilə reallaşmışdır. Ölkədə 600 min yeni iş yeri açılmışdır. Aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 82 faizi regionlarda qeyri-neft sektorunda yaradılıb. Əhalinin yoxsulluq həddi 49 faizdən 20 faizə düşüb.
İqtisadiyyatımızın əsas göstəricisi olan ümumi daxili məhsul 3,7 dəfə, adambaşına düşən ümumi daxili məhsul 3,5, icmal büdcənin xərcləri 4,9, adambaşına icmal büdcə xərcləri 4,7, əhalinin sosial tələbatının həllində vacib amil hesab edilən təhsil xərcləri 3,3, səhiyyə xərcləri 4,5, sosial müdafiə və sosial təminat xərcləri 3,1, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və gənclər siyasəti tədbirləri xərcləri 5,4 dəfə artıb. Bunlar çox böyük göstəricilərdir.
Cari ilin 9 ayının statistikası ölkənin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini göstərir. Keçən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun istehsalı 27,1 faiz artaraq 26,6 milyard manata çatıb. Azərbaycan banklarında əhalinin əmanətləri 2006-cı ilin eyni dövrü ilə müqayisədə 79,5 faiz artmış, ölkənin valyuta ehtiyatları 6,3 milyard dollara çatmışdır.
Ölkə Prezidenti “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla həyata keçirilməsi, təhsil sisteminin yenidən qurulması üçün bütün imkanları səfərbər edib. Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında sərəncam imzalayıb. Mədəniyyətə, təhsilə göstərilən qayğını millətin gələcəyinə göstərilən qayğı kimi qiymətləndirirəm. Cənab İlham Əliyevin prezidentliyi dövründə 1200 məktəb tikilərək istifadəyə verilib.
Bu qayğının nəticəsidir ki, hal-hazırda dünyanın aparıcı universitetlərində orta məktəblərimizi bitirmiş 3000-dən çox gənc yüksək göstəricilərlə təhsil alır. Bu sahədə beynəlxalq əlaqələrimiz getdikcə artır. Hazırda Azərbaycanın ali məktəblərində 4038 əcnəbi tələbə təhsil alır. Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılması təmin edilir. 2015-ci ilədək 5000-ə yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanları əldə edəcək.
Milli-mənəvi dəyərlərimizi layiqincə qiymətləndirən Prezidentimiz Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər həyata keçirilməsi haqqında imzaladığı sərəncamlar öz ictimai-tarixi əhəmiyyətinə görə əvəzsizdir.
Səhiyyə sahəsində də uğurlarımız artmaqdadır. Növbəti ilin dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin müzakirəsinə vaxtında təqdim edilmişdir. Bu layihələr yüksək peşəkarlıqla hazırlanmışdır. Bu işdə əməyi olan Maliyyə Nazirliyinə və büdcə prosesində iştirak edən digər təşkilatlara təşəkkürümü bildirirəm.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxış üçün vaxtımız az, cəmisi 5 dəqiqə olduğuna görə təqdim olunmuş büdcə layihəsindəki çoxsahəli istiqamətlər üzrə göstəriciləri təhlil edib vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki, Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2008-ci il dövlət və icmal büdcəsinin layihələri ölkənin dinamik inkişafına...
Sədrlik edən. Hörmətli Nizami müəllim, əgər vaxtı 5 dəqiqə müəyyən etməsəydik, Sizə söz çatmayacaqdı. İlyas İsmayılov, buyurun.
İ. İsmayılov. Büdcə imkanlarının ildən-ilə artması, büdcənin tədricən sivil və sosial xarakter daşıması, şübhəsiz, müsbət haldır. O da müsbət haldır ki, əvvəlki büdcələrdən fərqli olaraq bu büdcədə sətiraltı qaranlıqlar aydınlaşdırılmışdır. Yəni, ümumiyyətlə, məktəb, xəstəxana tikintisinə pul ayrıldığı yox, konkret məktəblərin nömrəsi, yeri göstərilir. Bu da bir çox söz-söhbətlərin və sui-istifadələrin qarşısını alır. Mən fürsətdən istifadə edərək Tovuz rayonunun Hacalı kəndində məktəb tikintisinin gələn ilin büdcəsinə salındığına görə hörmətli nazirimiz Misir Mərdanova təşəkkürümü bildirirəm. O cümlədən Tovuz rayonunda xəstəxana tikintisini gələn ilin büdcəsinə saldığına görə hörmətli səhiyyə nazirimiz Oqtay Şirəliyevə də minnətdarlığımı bildirirəm.
Mən dedim ki, büdcəmiz sosial xarakter daşıyır. Ancaq əhalinin elə bir təbəqəsinin mənzil təminatı baxımından dövlətin sosial müdafiəsinə, qayğısına çox böyük ehtiyacı vardır. Mən kimləri nəzərdə tuturam. Artıq rəsmi mənbələrdən məlumdur ki, əhalinin 20 faizi yoxsulluq səviyyəsindən aşağı yaşayır. 1-ci və 6-cı mikrorayonlarda fransız layihəsi ilə tikilmiş binaların artıq istismar müddətinə az qalıb, 1–2 ildən sonra bunların istismar müddəti qurtarır. Orada yaşayan təxminən 150 min əhali də kasıbdır. Orada imkanlı insanlar yaşamırlar. Onların mənzil məsələsi necə həll olunacaq. Mən hesab edirəm ki, əgər imkan tapsalar, büdcədə onların mənzil məsələsi qaldırılmalıdır.
Başqa ölkələrin təcrübəsindən istifadə edək. Məsələn, Qazaxıstanda mənzil tikintisinin 7 faizi dövlət tərəfindən sifariş edilir. Hazır mənzilləri də kommunal mənzillər kimi ehtiyacı olan belə insanlara paylayırlar. Mən hesab edirəm ki, biz bu yolla getməli və həmin insanların mənzil ehtiyacını təmin etməliyik. İpoteka təcrübəsi özünü doğrultmur. Düzdür, bu gün bizim hörmətli nazir bu məsələyə bir az aydınlıq gətirdi. Həmin insanlar ipoteka kreditindən də istifadə edə bilməzlər, çünki aylıq ödəniş orta aylıq əmək haqqından 5–6 dəfə artıqdır.
İkinci, əlbəttə, büdcənin artması yaxşı haldır, büdcə artdıqca ona nəzarət də güclənməli və sərtləşməlidir. Büdcə vasitələrinin mənimsənilməsi, ümumiyyətlə, başımıza gələn bəlalar, mənə elə gəlir ki, bu qanun pozuntusu ilə bağlıdır. Büdcə vəsaitlərinin xərclənməsi, investisiya proqramına daxil olan problemlərin həlli “Dövlət satınalmaları haqqında” Qanunla nizama salınır. Bax, bu qanunun bir çox müddəaları pozulur. Elə İqbal müəllimin də dedikləri bununla bağlı idi. Şəffaflığa yol verilmir. Tikinti, təmir, tarif məsələlərində tenderi udanla tenderi elan edənin qohumluq münasibətləri araşdırılmır. Sözümün canı ondan ibarətdir ki, bu qanunun tələblərini ciddi qorumaq lazımdır.
Burada, əlbəttə, bölgü haqqında da məsələ qaldırılmalıdır, çünki bunu seçicilər bizdən tələb edirlər. Bizim bölgə haqqında Qənirə xanım, Nazim müəllim, bizim həkimimiz Məmməd Həsənov danışdılar, mən onların dediklərini təkrar etmək istəmirəm. Eyni bölgədir. Ancaq bir onu xatırlatmaq istəyirəm ki, sərhəd bölgələrində olan kəndlərimiz boşalır, sonra biz bunları bərpa edə bilməyəcəyik. Odur ki, həmin kəndlərə xüsusi diqqət yetirilməlidir.
Burada söhbət getdi ki, hərbiçilərin maaşı artırılmalıdır. Mən çox şadam ki, bizim Müdafiə Nazirliyinin büdcəsi artır. Ancaq mən istərdim ki, ümumiyyətlə, hərbiçilərə, müdafiə nazirinə bizim münasibətimiz dəyişsin. Hər şey münasibətdən başlayır. Biz müdafiə nazirinə, hərbiçilərə millətin şərəf və ləyaqətini qoruyan insanlar kimi baxmalıyıq və buna da uyğun münasibət göstərməliyik.
Burada müəllimlərin, həkimlərin maaşından söhbət getdi. Mən də bununla razıyam. Hörmətli deputat Əli Hüseynov maraqlı bir təklif verdi ki, biz müəllimlərin və həkimlərin statusunu müəyyənləşdirən qanunlar qəbul etməliyik. Mənə elə gəlir ki, əlbəttə, hər bir qanunun əsasında müəyyən bir nəzəriyyə, fikir dayanmalıdır. Onun fəlsəfəsi olmalıdır, sonra qanun layihəsi hazırlanmalıdır. Müəllimlər haqqında qanunun da fəlsəfəsi ondan ibarət olmalıdır ki, müəllimin maddi və mənəvi vəziyyəti ölkənin inkişafının göstəricisidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aqil Abbasov, buyurun.
A. Abbasov. Hörmətli Cənab Sədr, hörmətli millət vəkilləri! Mən, əvvəla, sevinirəm ki, büdcəmiz belə artır. Bunu da görürəm ki, 50 min ağdamlı geri qayıdıb, öz torpağında yaşayır, mən bunun şahidiyəm. Bu, iqtisadi inkişafımızın bir nümunəsidir. Həm də sevindirici bir haldır ki, camaat öz evinə qayıdıb.
Yəni büdcəni tərifləmək fikrim yoxdur. Məsələ qaldırmaq istəyirdim, qorxdum. Sonra bu məsələni qaldırmaq istəmirdim, amma yeri gəlib, deyim. Nədir o məsələ? Prezidentin fondu ilə bağlı dedilər ki, orada pul çoxdur. Belə söhbət getdi. Böyük, qüdrətli dövlətlərdə, eləcə də, qardaş Türkiyədə büdcədə “örtülü ödənək” deyilən bir fond var. Mən çox istəyirdim ki, o məsələni burada qaldıram, bunu gələn il üçün nəzərə alsınlar. Görürəm ki, buna qarşı çıxan çox olacaq. “Örtülü ödənək” yalnız Baş nazirin xərclədiyi puldur. Onun hara xərcləndiyi haqqında Türkiyədə nə parlamentə, nə də heç kimə məlumat verilmir. Yalnız prezidentə deyə bilər, özü də belə bir söz var ki, həta prezidentin də qulağına deyə bilər. Prezident də bunu açıqlaya bilməz.
Tansu Çillərin dövründə həmin “örtülü ödənək”də 10 milyon dollar pul çatmadı. Mətbuat da, parlament də düşdü onun üstünə ki, 10 milyon dollar haradadır? Dedi ki, soruşsun, onun qulağına deyim, amma deməli deyiləm, çünki qanun yol vermir. Buradakı millət vəkillərinin heç biri məndən savadsız deyillər, o “örtülü ödənəy”in nəyə xərcləndiyini, yəqin ki, bilirlər. Türkiyənin elə çıxarları var ki, onu birbaşa büdcədən ayırmaq mümkün deyil. Bütün qüdrətli dövlətlərdə də belədir. Mən çox istəyirdim ki, növbəti ildə Azərbaycanda da belə “örtülü ödənək” yaransın və yalnız dövlətin məqsədləri üçün xərclənsin. Təəssüf ki, Prezident Fondu ilə bağlı söhbətlər bir az başqa səmtə yönəldi. Həm də xərclənən pullar da şəffafdır, bilirik ki, o 150 milyon dollar hara gedəcək. Ona görə də qorxurdum, amma dedim.
Mən başqa bir vacib məsələyə də toxunmaq istəyirəm. Səməd Vurğun deyir ki, basılmaz çörəyi bol olan vətən. Mən də deyirəm ki, basılmaz zabiti tox olan vətən. Zabitlərin vəziyyəti ilə bağlı çox danışıldı, təkrar etmək istəmirəm. Müdafiə Nazirliyinin büdcəsi 300 milyon dollar artırılıbdır. Onun 10 milyon dollarını xərcləsələr, Azərbaycandakı bütün zabitləri evlə təmin etmək olar. Bu elə də böyük problem deyil və yaxşı olardı ki, bunu nəzərə alsınlar.
Bir də, bayaq Gültəkin xanımın sözü yarımçıq qaldı. Mən də kənd təsərrüfatı ilə bağlı bir neçə kəlmə demək istərdim. Düzdür, rayonlarımızda zavodlar, fabriklər, sexlər tikilir. Bunu öz bölgəmizdə də görürəm, amma bunlar rayon mərkəzlərində tikilir. Bəs kəndlər? Kəndlər indi başqa bir problemlə üzləşir. Bunun bircə yolu var. Kəndlilərə kiçik kreditlər verilməlidir. Kəndli böyük kreditlər istəmir. Kəndli 2-3 min kredit istəyir. Onu alana qədər də boğaza yığılır və sonra heç onu almaq da istəmir. Həmin kreditlər Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti altında, başqa banklardan yox, konkret bir bankdan verilsə yaxşı olar. Belə olarsa, Kənd Təsərrüfatı Nazirliyi bu pulun təyinatı üzrə xərclənməsinə nəzarət edə bilər. Azərbaycan kəndləri 1 milyon ton pambıq verib. 1970–1980-ci illərdə Azərbaycanda neft gəlirləri bu səviyyədə deyildi. Onda Heydər Əliyev Azərbaycanı yaşatmaq üçün kənd təsərrüfatını inkişaf etdirdi. Azərbaycan 2 milyon tondan çox üzüm, 2 milyon tondan çox taxıl verirdi. Həmin illərdə Azərbaycan kəndləri xeyli varlanmışdı. Biz indi kənd təsərrüfatına həmin diqqəti göstərsək, dediklərimizi həyata keçirə bilərik.
Bir də, bayaq Fərhad Əliyevdən misal çəkdiniz. Fərhad Əliyev onu nazir olanda demişdi. Qubad İbadoğlu radikal bir müxalifətçidir, amma çox ağıllı iqtisadçıdır. O bir dəfə bizi dəvət etdi, Fərhad Əliyevin Dövlət Gömrük Komitəsi ilə bağlı dediklərinin boş və mənasız olduğunu sübut etdi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Həvva Məmmədova.
H. Məmmədova. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sosial və investisiya yönümlü olan 2008-ci ilin dövlət büdcəsi zərfi ilə ətraflı tanış olmuşam. Öncədən deyim ki, büdcə zərfini hazırlayan hökumət üzvlərinin hamısına təşəkkür edirəm. Üç gündür ki, hökumət üzvlərinin və iqtisadi siyasət daimi komissiyası üzvlərinin büdcə ilə bağlı çox ətraflı çıxışlarına qulaq asdım. Hesab edirəm ki, büdcə çox ətraflı və geniş hazırlanmışdır və büdcə ilə bağlı mütəxəssislər də öz müsbət fikirlərini söyləmişlər.
Burada büdcə ilə bağlı obyektiv və qeyri-obyektiv fikirlər səsləndi. Mən hesab edirəm ki, qeyri-obyektiv fikirləri səsləndirənlər bu artıma sevinməyən insanlardır. Büdcənin artımı, onun Milli Məclisdə geniş müzakirəsi ancaq bu iqtidara mənsubdur. Bu iqtidarın dövründə büdcə açıqlanır və büdcə geniş əhaliyə çatdırılır.
Azərbaycan Respublikası son 4 ildə heç bir vaxt görünməmiş dinamik iqtisadi inkişaf tarixini yaşayır. Bunun da səbəbi odur ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası müdrikliyə, idarəetmə məharətinə və gərgin prosesləri aramla, sistemlə həll etmək bacarığına malik olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hörmətli Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 4 ildə sosial-iqtisadi inkişaf strategiyasının yeni çalarlarla zənginləşməsi nəticəsində artıq Azərbaycan dünyanın diqqət mərkəzinə çıxmışdır. Respublikamızda yoxsulluqla mübarizədə əhəmiyyətli nəticələrin əldə edilməsi, məşğulluq probleminin aradan qaldırılması, istehsal və bazar infrastrukturu sistemində yeridilən uğurlu siyasət öz yüksək bəhrələrini verməkdədir. Büdcənin müzakirəsi zamanı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əlavələrin edilməsi onu göstərir ki, cənab Prezidentimiz həmişə qaçqın və məcburi köçkünləri diqqət mərkəzində saxlamışdır. Mən büdcəmizdə də qaçqın və məcburi köçkünlərə ayrılmış müavinətlərin miqdarını görəndə çox sevindim və buna görə hökumətimizə və dövlətimizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Hörmətli Oqtay müəllim, mənim seçildiyim bölgə – Xankəndi çox ağır bir bölgədir. Mənim seçicilərim Bakı şəhərində və respublikamızın 40-dan artıq rayonunda məskunlaşmışlar. Ona görə də mən seçicilərimlə bağlı problemlərin həll edilməsində bizə yaxından köməklik etdiyinizə görə başda hörmətli Prezident İlham Əliyev olmaqla, cənab Sədr, şəxsən Sizə, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, “Azəriqaz”ın prezidenti Əlixan Məlikova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, təhsil naziri Misir Mərdanova öz dərin təşəkkürümü bildirmək istəyirəm. Problemlərin həll edilməsində bu nazirliklər bizə çox yaxından köməklik göstərmişlər. Bu gün mən həm də seçicilərimin hörmət və ehtiramını başda hörmətli Prezident İlham Əliyev olmaqla həmin insanlara çatdırmaq istəyirəm.
Burada çox dəyərli fikirlər səsləndi. Mən o fikirləri təkrar etmək istəmirəm, ancaq bildirmək istəyirəm ki, bir neçə aydan sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 illiyi tamam olacaqdır. Bu təcavüzün nəticəsində əlil olmuş insanlara diqqət artırılmalıdır. Mən hesab edirəm ki, həm indiki, həm də növbəti büdcədə Qarabağ əlillərinə diqqət artırılsa, daha yaxşı olar, çünki bölgələrdə olduğumuz zaman əlillərin bizə saysız-hesabsız müraciətləri olur. Doğrudur, onlar daim dövlətimizin diqqət mərkəzindədir, amma biz onlara olan diqqətimizi bir az da artırsaq, yaxşı olar.
Burada zabitlərimizlə bağlı çox dəyərli fikirlər səsləndi. Xüsusi ilə də mən İlyas müəllimin və Azər müəllimin səsləndirdiyi fikirləri dəstəkləyirəm. Nə qədər ki Ermənistanın Azərbaycana təcavüzü davam edir, nə qədər ki torpaqlarımız işğal altındadır, biz zabitlərimizə, hərbiçilərimizə olan münasibəti dəyişməliyik. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılmalı, əmək haqları artırılmalıdır. Mən hesab edirəm ki, bu büdcə çox yüksək səviyyədə hazırlanmışdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael Hüseynov, buyurun.
R. Hüseynov. Unudulmaz millət rəhbəri Heydər Əliyevin çoxlu ağıllı sözləri içərisində çox sərrast olan bir ifadə vardı. Deyirdi ki, mövqeyinizi bildirin. Üç gündür çox vacib bir sənəd ətrafında müzakirələr gedir, mövqelər ortaya qoyulur. Həm də yalnız Milli Məclisin divarları arasında deyil, mətbuat səhifələrində, yerli və xarici radio stansiyalarının efirlərində diskussiyalar açılır, müzakirələr gedir. Təsadüf də deyil, çünki Azərbaycan həyatının son dərəcə mühüm bir problemi müzakirə olunur, quruculuğun mühüm bir mərhələsinin cərəyan etdiyi vaxtda “sabahımızı necə edəcəyik” ətrafında diskussiyalar gedir.
Təbii ki, müəyyən vaxtdan sonra Milli Məclisdə bu çıxışlara son veriləcək, müzakirələr dayandırılacaq. Amma mən çox arzu edərdim ki, nə qədər vaxt itirsək belə, bu müzakirələr axıracan getsin və hər kəs fikrini söyləsin, çünki bu da bir testdir. Büdcənin özü bütövlükdə bizim müzakirəmizə verilən bir testdir ki, onun nə dərəcədə uğurlu və nöqsanlı olduğunu, harada nəyinsə islah edilməli olduğunu araşdıraq. Həm də büdcə haqqında fikir söyləyən ayrı-ayrı insanların gendən müşahidəsi də bir testdir. Kiminlə yol gedirik? Hər danışılan sözdə bir mövqe var. Hətta yazıdan oxunulan sözün özündə də bir mövqe var və bilməliyik bu yolu kimlə gedirik, Azərbaycanın sabahını kimlə qururuq.
Mövqelər müxtəlifdir və təbii ki, müxtəlif də olmalıdır. Hər insan bir mövqeni ifadə edir. Lakin görəndə ki, ifadə olunan mövqe Azərbaycan dövlətinin nöqteyi-nəzərindən o qədər də uğurlu səslənmir və Azərbaycana kənardan gələn, Azərbaycanın qanına həris olan başqa mövqelərlə uyğun gəlir, onda gərək hər kəs bir az öz içərisində düşünsün.
Azərbaycan öz inkişafının son dərəcə uğurlu mərhələsini yaşayır. İldən-ilə böyük inkişaf var. Müasir, yeni, müstəqilliyini artıq qayıdışsız edən Azərbaycan unudulmaz Heydər Əliyevin əsəri idisə, firavan Azərbaycan quruculuğu Prezident İlham Əliyevin əsəridir. Təqdim olunan büdcə layihəsi son dərəcə uğurludur və Azərbaycanda gedən böyük inkişafın əyani göstəricisidir. Bu büdcə layihəsini nəzərdən keçirərkən insan ona görə fərəhlənir ki, qarşıdakı il Azərbaycan boyca bir az da artacaq. İşlərin miqyası, Azərbaycan boyunca görülən, atılan addımların həcmi o qədər genişdir ki, bunları sözlə ifadə etmək çox çətindir. Ağlasığmaz görünür, əfsanə kimi görünür, lakin Azərbaycanın həyatında bu əfsanələr gerçəkləşir.
Təqdim olunan büdcə layihəsini, əlbəttə ki, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər əlaqədar strukturlar hazırlamışlar. Lakin bu əsərin əsas müəllifi Prezident İlham Əliyevdir və onun baxdığı ucalıqdan Azərbaycanın inkişafının ən müxtəlif səmtləri görünür. Əlbəttə ki, cənab Prezident çox yaxşı görür və bu sənədləri hazırlayanlar çox yaxşı dərk edirlər ki, harada əskiyimiz var, harada maaşları artırmaq lazımdır, hansı sahələrə daha çox vəsait ayırmağa ehtiyac var. Amma büdcənin də bir həcmi var və bu, sehrli çubuq deyil ki, bütün problemləri bir anda həll edək. Yeni dövlət quruculuğunun o qədər problemləri var ki, onları bir-iki ilin içərisində həll etmək çox müşküldür. Əsas odur ki, bu problemlərin həlli səmtində çox böyük uğurlu işlər görülür və təqdim olunan büdcə layihəsi də daha uğurlu addımlar atmaq üçün çox ciddi bir zəmin hazırlayır.
Müxtəlif yaradıcı təşkilatlar, bizim Mədəniyyət məsələləri daimi komissiyası gələcəkdə Azərbaycanda mədəniyyətin daha da inkişaf etməsi ilə əlaqədar büdcədəki müəyyən imkanların bir də nəzərdən keçirilməsi ilə əlaqədar təkliflərini vermişlər. Biz bunu İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edəcəyik. Onlar büdcə layihəsi üzərində işlərini konkretləşdirərkən bunları bir daha nəzərdən keçirərlər. Azərbaycanın ən böyük sərvəti onun mədəniyyətidir. Azərbaycan mədəniyyətinin dünyada, beynəlxalq aləmdə təbliği və qorunması istiqamətində çox böyük işlər görməyə ehtiyac var. Ayrı-ayrı nazirliklər bu işi görür, amma mən arzu edərdim ki, müstəqil bir fond da yaradılsın və bizi dünyaya təqdim etmək istiqamətində öz işini görsün. Mən büdcə layihəsini tərtib edənlərə, onu hazırlayanlara təşəkkürümü bildirirəm və inanıram ki, bu büdcə layihəsi əsasında Azərbaycan yeni ilini daha uğurlu quracaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. 72 nəfər müzakirədə iştirak edib. Bu, büdcə müzakirəsi tarixində olmayan bir hadisədir. Ancaq hökumət nümayəndələrindən yalnız bir nəfərə – maliyyə nazirinə söz vermişik. Burada sahibkarlığa yardımla bağlı bəzi suallar səsləndi. Buna görə mən istərdim, Heydər müəllimə söz verək. Heydər müəllim, xahiş edirəm ki, bir az qısa danışın, çünki 1 həftədən sonra Sizin bütün suallara cavab vermək imkanınız olacaqdır. Buyurun.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Çox sağ olun, cənab Sədr. İlk növbədə Sizə təşəkkürümü bildirirəm ki, mənə belə bir imkanı yaratdınız. Bəzi məsələlərə çox qısa şəkildə aydınlıq gətirəcəyəm. Yəqin ki, Elman müəllim də öz çıxışında inflyasiya ilə bağlı məsələlərə toxunacaq, çünki Milli Bank bugünkü şəraitdə inflyasiya ilə mübarizədə ön sıralarda duran qurumlardandır. Amma mən bəzi məqamlara toxunmaq istərdim.
Bəzi millət vəkilləri inflyasiya ilə bağlı konkret suallar səsləndirdilər. Məruzəmdə də qeyd etdiyim kimi, antiinflyasiya tədbiri kimi 2008-ci il dövlət büdcəsinin xərclərinin artım tempinin 1,7 dəfə aşağı salınması göstərilə bilər. Digər konkret tədbir Dövlət Neft Fondu vasitəsi ilə ilə sterilizasiyadır. Tədbirlərdən biri də qiymətli kağızlar vasitəsi ilə əlavə sterilizasiya tədbirlərinin keçirilməsidir. Digər bir tədbir dövlət büdcəsinin manat gəlirlərinin artmasıdır. Bu da inflyasiya ilə mübarizədə çox vacibdir. Əlbəttə ki, idxalda xüsusi çəkisi daha çox olan və inflyasiya təsiri neytral olan investisiya xərclərinin xüsusi çəkisinin artırılması da bura daxildir. Bu gün müzakirə etdiyimiz büdcə layihəsində bu tədbirlər öz yerini tutub. Təbii ki, bunların hamısı konkret tədbirlərdir.
Burada gömrük sektorunun inkişafının təmin edilməsi ilə bağlı bəzi məsələlər qaldırıldı. Bir neçə millət vəkili dövlətin təsərrüfat funksiyaları ilə birbaşa məşğul olmasını təklif etdilər. Bununla da yenidən istər-istəməz keçmiş iqtisadiyyata qayıdışı təklif etmiş oldular. Sovet ittifaqının iflasa uğraması məhz bu siyasətin həyata keçirilməsi ilə, eyni zamanda da qeyri-səmərəli və defisitli iqtisadiyyatın yaranması ilə bağlı idi. Biz bu yolla gedə bilmərik və hesab edirik ki, bu səhv bir yoldur. Bu o demək deyil ki, dövlət heç bir şəkildə özəl sektorun inkişafına, mülkiyyət formasından asılı olmayaraq hər hansı bir istehsalın yaradılmasına dəstək verməməlidir. Bu tədbirləri hökumət həyata keçirir. Ancaq bunlar üçün daha çox başqa alətdən, sahibkarlıq fonduna ayrılan vəsaitdən istifadə olunur. Bunun üçün cənab Prezidentin sərəncamı ilə yaradılmış İnvestisiya Şirkəti vasitəsi ilə müəyyən tədbirlər görülüb.
Mən diqqətinizə çatdırmaq istəyirəm ki, İnvestisiya Şirkətinin vasitəsi ilə bu yaxınlarda iri layihələrin bəziləri artıq həyata keçirilib. Bu yaxınlarda 55 milyon manat vəsait ayrılacaqdır. Bununla da digər investisiyaları, yəni 497 milyonluq investisiyanı Azərbaycan iqtisadiyyatına cəlb etmək mümkün olacaqdır. Yəni dövlət dəstəyi olan 1 manat konkret olaraq müəyyən iqtisadiyyat sektorlarında 5 manat gətirmiş olacaqdır.
Sahibkarlıq fondu ilə bağlı məsələlərə toxunuldu. Samir müəllim bu suala cavab verdi. Büdcədən ayrılan vəsait, sadəcə, il ərzində sahibkarlığa verilən dəstəyin həcmi deyil. Çünki ayrılan vəsaitdən başqa, fondun vəsaitlərindən istifadə qaydasında vəsait qayıdır. Bəzi vəsaitlər vaxtından daha əvvəl qaytarılır. Yəni göstərilir ki, bizim təyin etdiyimiz və verdiyimiz kreditlər, konkret olaraq həmin o layihələr çox səmərəlidirlər. Kreditləri daha tez qaytarırlar. 2008-ci ildə qaytarılmış vəsaitlər hesabına əlavə kredit vermək imkanı əldə edəcəyik. Bu da 37 faiz artım deməkdir. Sahibkarlıq fondundan kreditlərin verilmə qaydalarının dəyişdirilməsi ilə bağlı burada bəzi fikirlər söylənildi. Bunu başqa şəkildə etmək olmaz. Sahibkarlıq fondu, hökumət, İqtisadi İnkişaf Nazirliyi kommersiya banklarına heç bir təzyiq göstərə bilməz. Kommersiya bankları bu layihələri təhlil edirlər və özləri qərar verirlər ki, bu kredit verilsin, ya yox. Biz, sadəcə olaraq, dövlət tərəfindən güzəştli şərtlərlə bu vəsaitin kommersiya banklarına ayrılmasını təmin edirik. Bizim sahibkarlığa dəstəkdən başqa əsas vəzifələrimizdən biri vəsaitlərin tam olaraq dövlətə qaytarılmasıdır. Biz bunu təmin etmək üçün kommersiya banklarına heç bir şəkildə təzyiq göstərə bilmərik.
Kommunal sahələrdə olan problemlərin aradan qaldırılması ilə bağlı bəzi məsələlər öyrənildi. Məlumat vermək istəyirəm ki, 2008-ci ildə kommunal islahatlar həyata keçiriləcək. Hazırda bu sahədə struktur islahatları ilə əlaqədar proqram hazırlanır. Yəqin ki, biz bu məsələni Milli Məclisin müvafiq komissiyaları ilə razılaşdırıb, həyata keçirəcəyik.
Son olaraq rəqabətlə, antiinhisar siyasət ilə bağlı bir xahişlə müraciət etmək istəyirəm. Bu gün Rəqabət Məcəlləsi artıq müzakirədədir. Millət vəkillərindən xahiş edirik ki, bunun müzakirəsi zamanı bu sahə ilə bağlı verdiyimiz təklifləri dəstəkləsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elman Rüstəmov.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Mən də bu gün 2008-ci ilin büdcə layihəsi ətrafında gedən diskussiyadan 3 məsələni seçmişəm və Sizin mənə verdiyiniz fürsətdən istifadə edərək bu məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Müzakirədə səslənən fikirləri təhlil etsək, görərik ki, burada əsas problem kimi neft və qeyri-neft sektorunun büdcənin formalaşmasındakı rolu qeyd olundu. Bu məsələnin iqtisadi sabitliyi əhəmiyyətli olduğu üçün mən ona münasibətimi bildirmək istəyirəm.
Azərbaycanın zəngin sərvətləri 150 ildən artıqdır istismar olunur. Bu heç kim üçün yenilik deyil. Azərbaycanın iqtisadi sektorunun bazasının neft sektoru olduğu da bu gün hamıya məlumdur və dünya bazarlarında neftin qiyməti kontekstində bu sektorun əhəmiyyəti artır. Həyata keçirilən strategiya neft gəlirlərinin fəal olaraq kapitallaşdırılmasıdır və qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsidir. Bu, əsasən, ölkədə büdcə sabitliyi, büdcə davamlılığı probleminin həll olunmasıdır. Əgər biz 2005, 2006, 2007 və 2008-ci illərin büdcələrinə nəzər salsaq, görərik ki, bu siyasət fəal olaraq həyata keçirilir, investisiya xərcləri üstün dinamika ilə artır. Bu onu göstərir ki, ölkədə əsas iqtisadi siyasət xətti bu gəlirlərin yeyilməsi deyil, fəal şəkildə kapitallaşdırılmasıdır. Ölkədə yüksək səviyyəli istehsal və sosial infrastruktur yaradılır və biz bunun, demək olar ki, hər gün şahidi oluruq.
Burada müxtəlif tədqiqatlara istinad olundu. Neft gəlirlərindən istifadə olunması və onun optimallaşdırılması hökumət tərəfindən də olduqca diqqətlə tədqiq olunur. Bu işə dünyanın aparıcı və tanınmış institutları, elm və tədris mərkəzləri, Oksford İnstitutu cəlb olunubdur. Bu tədqiqatların əsas məqsədi hər il istifadə olunan neft gəlirlərinin həcminin müəyyənləşdirilməsidir. Məqsəd budur ki, büdcənin neft gəlirlərindən alacağı sabit vəsaitin və gələcək nəsillər üçün saxlanılacaq və idarə olunacaq neft gəlirlərinin həcmi müəyyən olunsun. Artıq bu tədqiqatların əhatə dairəsi olduqca genişlənib və dərinləşibdir. Bu gün artıq baza ssenarisi hökumətə məlumdur və artıq onun formalaşması üzərində işlər yekunlaşdırılır.
Burada büdcə kəsiri məsələsi geniş müzakirə olundu. Qısa şəkildə demək istəyirəm ki, büdcə kəsiri məsələsi büdcə layihəsinin, sadəcə, dizayn məsələsidir. 2006-cı ilin büdcəsi profisitlə yekunlaşıbdır. İlin sonudur, artıq qiymətləndirmə göstərir ki, 2007-ci ilin büdcəsi də profisitlə yekunlaşacaqdır. 2008-ci ilin büdcəsi də profisitlə planlaşdırılıbdır. Büdcədə neftin 1 barelinin qiyməti 50 dollar qiymətləndirilibdir və bu gün neftin dünya bazarında qiyməti bütün tarixi hədləri ötüb keçibdir. Heç bir şübhə yoxdur ki, 2008-ci ilin büdcəsi də profisitlə yekunlaşacaqdır və bu obyektiv reallıqdır.
Bir neçə kəlmə də ipoteka haqqında demək istəyirəm. Çox qısa bir tarixi dövrdə biz “İpoteka haqqında” Qanun qəbul etdik və cənab Prezident bütün normativ sənədləri imzaladı. Qısa bir müddətdə 1800 ailə dövlət xətti ilə ipoteka krediti aldı. Bu işə 69 milyon manat vəsait sərf olunubdur. Orta ipoteka krediti faizi isə 6 faizdir. Lakin belə bir canlanmanın olacağını gözləmirdik və vəsait tükəndi. Vəsait tükənəndən sonra isə mən ilkin çıxışımda demişdim ki, banklar bu krediti verməkdə davam edir. Bu gün 260 milyon manat kredit verilibdir. Amma, təbii ki, bu kreditlərin şərti İpoteka Fonduna verilən kreditlərin şərti ilə eyni deyil. Artıq bu, bazar-kommersiya şərtləri ilə verilir.
Dünyada ipoteka bazarında baş verən proseslər hökuməti, Milli Bankı fikirləşməyə məcbur edir ki, hansı yolla gedək. Burada əsas ideya nədən ibarətdir, onu demək istəyirəm. Dövlət öz üzərinə sosial ipoteka problemini götürməlidir. Kommersiya ipotekası dövlətin işi deyil. Amerika Birləşmiş Ştatlarında həcmi 9,1 trilyon dollara çatmış ipoteka bazarında dövlətin heç bir rolu yoxdur. Bu, Amerika Birləşmiş Ştatlarında milli məhsulun 70 faizinə yaxındır. Onu dövlət yaratmayıbdır. Bütün inkişaf etmiş dövlətlərin, hətta bizim özümüzün çağdaş iqtisadiyyatımızın təcrübəsi göstərir ki, o şey ki artıq bazar münasibətləri ilə həll olunmalıdır, onu dövlət öz üzərinə götürürsə, burada problemlər yaranır. Yəni dövlətin dəqiq funksiyaları var. Biz ipoteka mexanizmində dəyişikliklər etməliyik, dövlət ancaq müəyyən əhali kateqoriyaları üçün, özü də seçilmiş əhali qrupları üçün sosial ipotekanı verməklə məşğul olmalıdır. İşləyən, çalışan, yüksək əmək haqqı alan adamlar üçün dövlət subsidiyalaşdırılmış kreditlər verməməlidir. Bu kreditlər bazar şərtləri ilə verilməlidir. Bizim başlıca vəzifəmiz ondan ibarətdir ki, antiinflyasiya siyasəti vasitəsi ilə faiz dərəcələrini aşağı salaq.
Bu gün artıq bir çox aparıcı maliyyə institutları bizə təkliflə müraciət edirlər. İpotekanın inkişafına 100 milyon Amerika Birləşmiş Ştatları dolları həcmində vəsait təklif ediblər. Lakin burada başlıca şərt faiz dərəcələridir və onun bazar şərtlərinə uyğunlaşdırılmasıdır.
Nəhayət, cənab Prezidentin tapşırığı ilə Milli Bank Tikinti-əmanət bankları haqqında qanun layihəsini hazırlayıbdır. Bütün hökumət üzvləri bu layihəyə imza atıblar və artıq tamamlama işləri gedir. Hesab edirəm ki, yaxın müddətdə biz bu layihəni müvafiq qaydada parlamentə təqdim edəcəyik. Bu layihənin rolu ondan ibarətdir ki, biz ipotekanın digər bir modelini, yəni Avropa modelini işə salırıq. Artıq bu, əhalinin yığımları və dövlətin müəyyən güzəştləri formasında olacaqdır. Burada prinsipial məsələ ondan ibarədir ki, yaradılacaq bank vasitəsi ilə verilən ipoteka kreditlərinin faiz dərəcəsini artıq əhali və bankın idarə heyəti seçəcək. Nəzərə alsaq ki, bu, əhalinin bir-birini kreditləşdirməsi deməkdir, burada faiz dərəcələri beynəlxalq praktikaya uyğun çox aşağı olacaqdır. Yaranmış makroiqtisadi şəraitdə bu, olduqca mühümdür. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Dövlət Gömrük Komitəsinə bir çox suallar ünvanlandı. Aydın Əliyev, buyurun.
A. Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Ölkə başçımızın rəhbərliyi altında Azərbaycanın iqtisadiyyatı və digər sahələr inkişaf edir. Ölkə rəhbərinin tapşırığı əsasında inhisarçılığa, korrupsiyaya qarşı mübarizə ilə bağlı müəyyən tədbirlər həyata keçirilir. Burada bir sıra çıxışlarda dövlət orqanlarının fəaliyyəti ilə bağlı suallardan əlavə, bəzi ittiham xarakterli fikirlər də səsləndi. Mən emosiyasız bir neçə rəqəmi misal gətirmək, bunlara cavab vermək istərdim.
Asəf Hacıyev diplomatların imtiyazlarından danışdı. O, bu şəxslərin ölkəyə qayıdarkən özlərinə məxsus əşyalarını, o cümlədən avtomaşınlarını nəzərdə tuturdu. Bu barədə onun Dövlət Gömrük Komitəsinə müraciəti də olmuşdu. Belə imtiyaz qanunvericilikdə var və burada səsləndiyi kimi, bəli, nadir hallarda araşdırmalar da aparılır. Bu yalnız o halda olur ki, diplomat öz fəaliyyətini bitirəndən sonra ölkəyə qayıdır, bir neçə aydan, yaxud yarım ildən sonra müraciət edir ki, adına Dubaydan maşın gəlir. Biz aydınlaşdırmalıyıq ki, bu onun diplomatik fəaliyyəti ilə bağlıdır, yoxsa yox. Normativ aktda yazılıb ki, özü ilə ailəsinə bir avtomaşın gətirə bilər. Bir çox hallarda belə müraciətlər də olur ki, diplomatik fəaliyyəti xaricdə qurtarmayan şəxslər ölkəyə ezamiyyəyə və ya məzuniyyətə qayıdarkən hər dəfə maşın gətirə bilərlərmi? Qanun buna icazə vermir.
İkinci bir məsələ. Yevda Abramov xalçanın ölkədən çıxarılması ilə bağlı sual verdi. Mövcud qanunvericiliyə əsasən “Azərxalça” İstehsalat Birliyinin istehsalı olan, faktura əsasında onların dükanlarından, şirkətlərindən alınmış xalçalar ölkədən heç bir icazə vərəqi olmadan çıxarıla bilər. Əldə toxunan xalçalar isə Mədəniyyət Nazirliyinin icazəsi əsasında ölkədən aparıla bilər. Bir neçə il əvvəl bu barədə bizim mədəniyyət naziri ilə söhbətimiz oldu. Biz ona rəsmi müraciət etmişik, hal-hazırda bu məsələ ilə bağlı sadələşdirilmiş yeni qaydalar hazırlanır və onun tətbiqi gözlənilir.
Mən bir sıra çıxışlarda, o cümlədən 1992-ci ildə bizim hökumət orqanlarında vəzifə başında dayanmış bəzi şəxslərin dilindən gömrüyə qarşı səslənən ittihamlarla bağlı bir neçə rəqəmi demək və bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Burada bir sıra ərzaq, tikinti materiallarının qiymətinin artırılması, inhisarçılıqla bağlı məsələ qaldırıldı. Yəqin ki, bizim iqtisadi biliklərimiz yalnız müxalifət mətbuatının məlumatları əsasında qurulmamalıdır. Biz İnternetə, birja məlumatlarına da müraciət etməliyik.
Gömrük statistikasına müraciət etsək, görərik ki, bir neçə ay bundan əvvəl Azərbaycana taxıl 130–140 ABŞ dollarına idxal olunurdusa, bu gün birjada 255 ABŞ dollarından ucuz taxıl yoxdur. Azərbaycana idxal olunan taxılın bir tonuna görə qiymət bu gün 235–255 dollar arasındadır. Aydın məsələdir ki, taxılın qiyməti iki dəfə qalxırsa, daxildə unun da qiyməti qalxır. Odur ki, bunu inhisarçılıq, dünya miqyasında nəzərdə tutulan taxılla bağlı hansısa bir mafiyanın fəaliyyəti ilə bağlamaq doğru deyil. Mən onu da qeyd etmək istəyirəm ki, bu qiymətlər dünyada qalxır.
Armaturun qiymətinə və tonuna 200 dollar alınmasına gəldikdə, sadəcə olaraq, məsləhət görərdim ki, Rusiyanın, Ukraynanın elektron menecerinə və bir sıra saytlarına baxmaqla öyrənmək lazımdır ki, onlarda qiymət neçədir. Rüsumlar veriləndən, yol xərcləri çəkiləndən sonra 200 dollar o xərcləri haradasa sıxışdırır, nəinki onun dörddə bir, yaxud beşdə bir hissəsini götürəsən. Yəni qiymət fərqində sabitlik yaratmaq olmaz, çünki onlar dünya bazarına görə dəyişir.
Son vaxtlar müxalifət mətbuatında yazırlar, burada da səsləndi ki, 2005-ci ildə 3 milyard manat yeyinti olubdur. Bu məsələni Fərhad Əliyev məhkəmə salonundan qabartdı. Guya 2005-ci ildə monitorinq aparılmışdır və gömrük orqanları 3 milyard manat rüsumu büdcəyə köçürməmişdir. 2005-ci ilin son rübündə Fərhad Əliyev elə bir yerdə idi ki, onun monitorinq aparmağa heç cür imkanı ola bilməzdi. Birinci sualım belədir: Onda bu, deyilən müddəti necə əhatə edir? İkinci, 2005-ci ildə gömrük orqanları idxal əməliyyatlarından dövlət büdcəsinə 376 milyon manat vergi köçürmüşdülər. İdxalın da həcmi 4 milyard 200 milyon ABŞ dolları idi. Bu 3 milyard gizlədilirdisə, azadolmaları nəzərə almaqla, 8 milyondan bir az artıq əhalisi olan Azərbaycan üçün bu rəqəm absurddur.
Həmin mənbədə bir tərəfdən deyirlər 3 milyard manat, ikinci tərəfdən deyirlər ki, əgər hər şey şəffaf olsaydı, gömrük tərəfindən vergi ikiqat qaldırıla bilərdi. Vahid bir mövqedən çıxış etmək üçün o mənbənin özündə də rəqəmə görə razılığa gəlmək lazım idi. O ki qaldı qiymətlərə, son vaxtlar bu, yenə müxalifət mətbuatının ən sevimli bir mövzusuna çevrilibdir. Bir sözlə, uzun məsələdir, mən bunlara xırdaçılıqla aydınlıq gətirmək fikrində deyiləm. Qiymətlər gömrük statistikasının məlumatlarında qruplar üzrə dərc olunur. Məsələn, mal və ya toyuq əti. Toyuq əti qrupuna toyuq dərisindən tutmuş, – o da idxal olunur, – toyuq budları, döş əti, təzə kəsilmiş toyuqlar və sair daxil olur.
Dondurulmuş ət yalnız Azərbaycana idxal olunur. Aydın məsələdir ki, bazarlarda pərakəndə satışda bu çeşiddə olan ətə müraciət edəndə, o zaman nə qiymət fərqi, nə də daşınma xərci nəzərə alınır. Halbuki orta hesabla gömrük rüsumu ilə malın əlavə dəyəri 30-36 faiz təşkil edir. Bəzən də hansısa fantastik rəqəmlər, yəni 200-300 faiz ortalığa çıxarılır. Duzla bağlı adi bir misal gətirim. Yazır və deyirlər ki, Azərbaycana Ukraynadan duzun tonu 80 manata idxal olunur, amma baha satılır və ondan 200 faizdən artıq mənfəət əldə olunur. Ukraynadan duz 80 manata yox, ondan da ucuz, 80 ABŞ dollarına idxal olunur. Bununla bağlı Ukraynanın Bakıdakı səfirliyi və Ukrayna istehsalçıları ilə bizim yazışmalarımız olur. Onlar deyəndə ki, ucuz başa gəlir, onda ucuz da rəsmiləşdirilir.
Mən, sadəcə olaraq, öz mövqeyimi bildirirəm. Bir neçə ildir ki, gömrük statistikası, digər ölkələrdə olan fərqlər barədə söhbət aparılır. Bu, bir elmdir və gömrük statistikası nəinki Azərbaycanda, dünyanın hər hansı bir ölkəsində fərqlidir. Ticarətdə qiymətlər üst-üstə düşə bilməz, çünki dünya ölkələrində statistikanın aparılması metodologiyası müxtəlifdir. Bu, Azərbaycanın elmi deyil, dünya təcrübəsində 10 əsas baza əmələ gəlibdir. Bunlar əsas amillərdir. Nəyə görə bu qiymətlər eyni olmur? Burada qanunvericilik var, daxilolma ölkədən, onun mənşəyindən götürülür.
Gətirilən misallara qayıdaq. Yaxşı, iki il bundan əvvəl hər yerdə yazılırdı ki, bizim idxal əməliyyatımız 100 milyon ABŞ dolları qədərdir, amma Azərbaycan statistikasında az göstərilir. Bizim əməliyyatımız keçən il 222 milyon idi, bu ilin 9 ayı ərzində 178 milyon ABŞ dollarına çatıbdır.
Birləşmiş Ərəb Əmirliklərini misal gətirdilər. Azərbaycanda statistik məlumatlar ölkənin mənşəyinə görə aparılır. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana avtomaşınlar, ərzaq məhsulları, xalq tələbatı malları idxal olunur. Birləşmiş Ərəb Əmirlikləri nə vaxtdan kənd təsərrüfatı ölkəsi olub ki, oradan idxal olunan ərzaq əmtəə hesab olunsun? Bu xırda məsələlərlə bağlı biz daim iş aparırıq.
Azərbaycan gömrüyündə statistik məlumatlarla bağlı hər şey şəffafdır. Artıq 7 ildən çoxdur biz hər rübdə gömrük statistikasına dair bülleten buraxırıq. Onu mətbəədə kitab şəklində çap edir və hər ay müxtəlif dövlət orqanlarına, – həm rüblük, həm də illik, – göndəririk. Bunlar Azərbaycanda yerləşən xarici ölkələrin səfirliklərinə, MDB ölkələrinin bütün gömrük xidmətlərinə də təqdim olunur, çünki bu barədə bizim sazişimiz var. O ki qaldı monitorinqə, 1999-cu ildən başlayaraq Azərbaycanın gömrük xidmətində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Gömrük Təşkilatı tərəfindən bir neçə dəfə və iki il bundan əvvəl dünyada tanınmış bir audit şirkəti tərəfindən monitorinq, yoxlama aparılıbdır. 3 milyard ABŞ dolları haqqında rəqəm statistik məlumatlarda müəyyən olunmayıbdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə davam edirik. Tahir Süleymanov.
T. Süleymanov. Sağ olun. Cənab Sədr, hörmətli hökumət üzvləri və hörmətli millət vəkilləri! Bu gün bütün ölkə əhalisinin diqqəti parlamentimizdə gedən müzakirələrə yönəlib. Bu da təbiidir, çünki ən mühüm iqtisadi qanun – 2008-ci ilin dövlət büdcəsi müzakirə olunur.
Müzakirəyə təqdim olunmuş büdcə zərfi, hökumət nümayəndələrinin gətirdiyi arqumentlər və çıxışlarda qeyd olunan faktlar onu göstərir ki, ildən-ilə Azərbaycanın sosial-iqtisadi həyatında mühüm keyfiyyət dəyişiklikləri baş verir. Bu dəyişikliklər təkcə büdcə vəsaitlərinin kəmiyyətcə artması ilə bitmir. Büdcə layihəsində başlıca diqqət insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkənin müdafiə qüdrətinin artırılmasına yönəldilmişdir. Dünyanın siyasi səhnəsində hörmətlə yad edilən ulu öndərimiz Heydər Əliyevə məxsus ideyaların hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadi və sosial sahələrinin inkişaf dinamikasına görə dünyada lider dövlətə çevrilmişdir.
2008-ci il dövlət büdcəsi layihəsində əsaslı vəsait qoyuluşu xərclərinin 48,3 faiz, təhsil xərclərinin 28,5 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin 21,5 faiz, sosial müdafiə və sosial təminat xərclərinin 21,8 faiz, səhiyyə xərclərinin isə 18,5 faiz artımı büdcənin sosial yönümlü olduğunu təsdiq edir. Bütövlükdə sosial yönümlü xərclərin çəkisi hazırkı layihədə 32,8 faiz təşkil edir ki, bu da ötən illə müqayisədə 26,5 faiz çoxdur.
Büdcə layihəsi əvvəlki illərlə müqayisədə daha mükəmməl bir variantda tərtib olunmuşdur. Onun bütün məziyyətləri barədə hörmətli həmkarlarım kifayət qədər əsaslı arqumentlər gətirdilər. Mən onların fikirlərini dəstəkləyərək diqqətinizi bəzi məqamlara yönəltmək istərdim. Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi, 50 min nəfərdən artıq əhalisi olan Dəvəçi rayonunda da iqtisadi irəliləyiş, həyat səviyyəsinin yüksəlişi reallıqdır. Dəvəçililər ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyirlər.
Büdcə layihəsində 2008-ci il üçün nəzərdə tutulmuş Taxtakörpü və su anbarının tikintisi, Dəvəçi-Qalaaltı avtomobil yolunun bərpası, şəhərin kanalizasiya sisteminin qurulması, Dəvəçi şəhərinin yeni salınmış massivində kommunikasiya problemlərinin aradan qaldırılması, yeni yaşayış məntəqələrinin inşasının nəzərdə tutulması mövcud problemlərin həllində öz rolunu oynayacaqdır. Bu gün Dəvəçi rayonunda müasir tələblərə cavab verə biləcək xəstəxana binasının olmaması yerli əhalini çox narahat edir. Hazırda Dəvəçi rayonunda 70-ə yaxın həkim, 240-a yaxın isə orta ixtisaslı tibb işçisi çalışır. Rayonda mövcud olan xəstəxanalar və tibb məntəqələri çox köhnə olduğundan tələbata cavab vermir. Bu barədə mən hələ 2007-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən məsələ qaldırmışdım. Fürsətdən istifadə edib bütün seçicilərim adından bir daha xahiş edirəm ki, qaldırılan məsələlər 2008-ci ilin büdcə layihəsinə daxil edilsin.
Son illərdə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar görülən tədbirlər hamımızı sevindirir. Yeni istehsal sahələrinin və sosial obyektlərin tikilib istifadəyə verilməsi sayəsində 100 minlərlə insan işlə təmin olunubdur. Regionlarda insanların, xüsusi ilə gənclərin kəndə, torpağa bağlılığını artırmaq üçün güzəştlərə daha artıq yer verilməlidir. Yanacaq məhsullarının bahalılığı bir sıra hallarda kəndlini torpaqdan soyudur, əkin sahələri becərilməmiş qalır. Torpaqların əsil sahibində deyil, tamamilə kənar şəxslərin əllərində cəmləşməsi prosesi gedir.
Son illərdə Azərbaycan kənd təsərrüfatının mühüm sahələrindən sayılan üzümçülüyün inkişafına diqqətin artırılması təqdirəlayiq haldır, çünki təsərrüfatın bu sahəsi torpaqla bağlı olan insanların müəyyən mənada daim işlə təmin olunmasına imkan verir. Bu səbəbdən, hesab edirəm ki, taxılçılıqla yanaşı üzümçülüyün inkişafına da diqqət artırılmalıdır. Mən büdcə layihəsini yüksək dəyərləndirir və onun ölkəmizin iqtisadi, sosial və siyasi həyatında mühüm rol oynayacağına inanıram. Həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Miri Qənbərov, buyurun.
M. Qənbərov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Lerik rayonunda dövlət büdcəsindən maliyyələşən 400-dən artıq idarə, təşkilat və müəssisə fəaliyyət göstərir. Son illər respublikamızın hər yerinə olduğu kimi, Lerik rayonuna da büdcə artımları müşahidə olunur. Büdcənin sosial yönümlü olması bir tərəfdən əhalinin maddi durumuna, digər tərəfdən də sosial-məişət problemlərinin həllinə, bütün sahələrdə inkişafa təsir edir. Son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionlara səfəri çərçivəsində bir il ərzində Lerikə iki dəfə getməsi əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılmasına ciddi kömək etmişdir. Cənab Prezident Lerik rayonunda 56 kilometrlik (Lənkəran–Lerik) magistral yolun və 43 kilometrlik yüksək təzyiqli qaz xəttinin açılışında olmuşdur. Mən qayğı və diqqətə görə 70 minlik Lerik əhalisi adından Azərbaycan Respublikası Prezidentinə öz minnətdarlığımı bildirirəm.
Dövlət başçısının Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında 11 fevral 2005-ci il tarixli fərmanı və “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” barədə 14 sentyabr 2005-ci il tarixli sərəncamı Lerik rayonunun sosial-iqtisadi inkişafına böyük təkan vermişdir. Rayon mərkəzinə çəkilən 4 kilometrlik su kəmərinin boruları yeniləri ilə əvəz edilmiş və Zuvand çayı üzərində su ötürücü qurğunun tikintisi başa çatmışdır. Bununla belə, bəzi problemlər hələ də qalmaqdadır. Rayonun yaşayış məntəqələrinin su ilə təminatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yeniləşdirilməsi, 110 kilovoltluq Astara–Lerik elektrik hava xəttinin çəkilməsi və keçən əsrin 60-cı illərindən çəkilmiş, bərbad vəziyyətə düşmüş elektrik hava xəttinin təmiri, səhiyyə, təhsil obyektlərinin inşası çox ləng gedir. 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş bir sıra tədbirlərin yerinə yetirilməsi üçün Lerik rayonuna tələb olunan miqdarda maliyyə vəsaitləri ayrılmalıdır. Ümidvaram ki, maliyyə naziri və digər əlaqəli şəxslər bu barədə öz fikirlərini deyəcəklər.
Sevindirici haldır ki, son illərdə Lerik rayonunda bir neçə məktəbin tikintisi aparılmış, köhnə məktəb binaları təmir edilmişdir. Lakin bəzi məktəblər, rayonun Orad, Boykəndil, Siyov və digər kənd məktəbləri hələ də çox ağır vəziyyətdədir. 2006–2007-ci tədris ilində kənd məktəblərinin müəllimlərə olan ehtiyacı qismən ödənilsə də, rayonda 200 nəfərə qədər fənn müəllimi hələ çatışmır.
Sədrlik edən. Çox sağ olun, Miri müəllim. Vasif Əliyev, buyurun.
V. Əliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli nazirlər və komitə sədrləri! Çox sevindirici haldır ki, artıq üç gündür ölkənin Milli Məclisində dövlət büdcəsi müzakirə olunur. Hamımız bilirik ki, dövlət büdcəsi Azərbaycan xalqının iqtisadi güzgüsüdür və bu, mütləq qəbul olunmalıdır. Büdcə respublikanın sosial-iqtisadi inkişafına çox böyük təsir göstərəcəkdir. Mən bir neçə məqamı qeyd etmək istərdim.
Burada həmkarlarım qeyd etdilər ki, dövlət büdcəsinin 50 faizdən çox xərcləri neft gəlirləri hesabına nəzərdə tutulub. Bunun başqa yolu da yoxdur. Mən bir misal deyim. 1993-cü ildə ümummilli liderimiz dövlət başına gələndə respublikanın enerji təminatı sistemi dağılmış vəziyyətdə idi. Əgər enerji təhlükəsizliyi, hansı ölkə olursa olsun, möhkəm dayaqlar üstündə dayanmırsa, sənaye sahələrinin fəaliyyət göstərməsinə, xalqın sosial inkişafına dair tədbirlərin görülməsinə diqqət yetirmək qeyri-mümkündür. Bu anda respublikaya iri dövlət şirkətləri dəvət olundu, onlarla söhbət aparıldı, proqramlar işlənildi.
Hələ o zaman bu işlərə cənab İlham Əliyev başçılıq edirdi. Dövlət Neft Şirkətinin sabiq prezidenti Natiq müəllimin iştirakı ilə beynəlxalq neft müqavilələri nəzərdən keçirildi. 1994-cü ilin “Əsrin müqaviləsi” adlı neft kontraktına qol çəkildi. Dünyada ilk dəfə olaraq kontraktdan 3 il sonra neft və qaz kəşfiyyatı işlərində uğurlu nəticələr qazanıldı, məhsul əldə olundu. 1997-ci ildən başlayaraq əldə olunan məhsulun hesabına respublikada digər sahələrin inkişafına yollar açıldı. İndi baxın, 2008-ci il üçün respublika büdcəsi 10 milyard manatlıq həddə yaxınlaşıbdır. Bu, əlbəttə, çox böyük bir məbləğdir. Onun hesabına respublikanın istər neft, istərsə də qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatının inkişafına çox böyük diqqət yetiriləcəkdir.
Vaxt var idi, Azərbaycanda neft sənayesinin yüksək inkişaf etmiş zavodları fəaliyyət göstərirdi. Onların, demək olar ki, hamısı iflasa uğramışdı, amma bu il, – bizim energetika və sənaye nazirimiz hörmətli Natiq müəllim buradadır, o da deyə bilər, – daha səmərəli dövlət proqramları tərtib olunur, onların əsasında gəlir gətirən sənaye sahələrinin inkişafına xeyli dərəcədə vəsait, o cümlədən investisiyalar cəlb olunur. Bunların hamısı neftdən gələn gəlirlərin hesabına olur. Bununla bərabər, mən çox xahiş edərdim ki, bizim kənd təsərrüfatı naziri ayrılan vəsaitdən imkan daxilində Astaraya, xüsusi ilə iki məhsulun – çayçılığın və bir də sitrus bitkilərinin inkişafına vəsait yönəltsin. Əgər belə olsa, Azərbaycan xalqının həmin məhsullara olan tələbatını müəyyən qədər ödəmək mümkündür. Bax bunu mən kənd təsərrüfatı nazirindən xahiş edirəm.
Sonda sözüm odur ki, bizim hörmətli maliyyə naziri Samir müəllim, digər nazirliklər bu büdcənin üzərində çox ciddi iş aparıblar. Bu mühüm sənəd elmi əsaslar üzərində qurulubdur. Mən buna səs verəcəyəm və digər deputat həmkarlarımı da buna səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva, buyurun.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr! Hörmətli hökumət üzvləri və millət vəkilləri! Dövlət büdcəsinin qəbul edilməsi ilə bağlı Milli Məclisdə aparılan müzakirələr, hər il olduğu kimi, bu il də fikir müxtəlifliyi ilə yadda qaldı. Dövlətin maliyyə konstitusiyası hesab edilən büdcə haqqında qanun layihəsinə belə münasibət, əlbəttə ki, təbiidir. Büdcə ictimai həyatın bütün sahələri üzrə dövlətin fəaliyyət funksiyalarının həyata keçirilməsində başlıca bir vasitə və amildir.
Dövlət büdcəsinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, büdcə ölkə iqtisadiyyatının inkişaf tempinin obyektiv qiymətləndirilməsinin nəticəsi olaraq, əsas maliyyə göstəricilərini özündə əks etdirməkdədir. Onu da demək istərdim ki, 2007-ci ilin dövlət büdcəsi ölkə iqtisadiyyatının yüksək templə inkişafını təmin etmiş, bir sıra proqnozlaşdırılmış iqtisadi göstəricilərin uğurla həyata keçirilməsinə nail olmuşdur.
Hörmətli həmkarlarım! Biz artıq üç gündən bəri sizinlə birlikdə müzakirələri aparırıq və demək olar ki, hər biriniz bütün sahələri əhatə edən fikirlərinizi bildirmisiniz. Mənim toxunacağım məsələlər də artıq dəfələrlə səsləndiyi üçün heç kimin vaxtını almaq və təkrarçılığa yol vermək istəmirəm. Ona görə, çıxışımı çox qısa, demək olar ki, tezis şəklində davam etdirəcəyəm.
2008-ci il dövlət büdcəsində diqqəti çəkən vacib amillərdən biri, mənim nəzərimcə, qeyri-neft sektorunun inkişafına verilən maliyyə dəstəyidir. Aydın məsələdir ki, iqtisadiyyatı yalnız neft sektorunun inkişafı üzərində qurmaq düz olmazdı. Neft, əlbəttə ki, bizim təbii sərvətimizdir, lakin bu sərvətin də müəyyən bir həddi-hüdudu var və müəyyən proqnozlara görə bu sərvət bir neçə onilliyə kifayət edə bilər. Deməli, bir neçə onillikdən sonra onun tükənmək ehtimalı mövcuddur. Bu faktı nəzərə alaraq, iqtisadiyyatın davamlı və sabit inkişafını təmin etmək üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi daim diqqət mərkəzində olmalı, lazım gələrsə, bu məsələ ilə əlaqədar xüsusi dövlət proqramı qəbul edilməlidir.
Bildiyiniz kimi, iqtisadiyyatın inkişafı hər kəsin sosial rifahının artmasını şərtləndirən başlıca amildir. Belə hesab edirəm ki, büdcənin sosial yönümlü olması çox vacibdir. Sosial rifahın gücləndirilməsinə xidmət edən büdcə siyasəti inflyasiyanın meydana çıxması səbəblərinin aradan qaldırılmasını, onun daim nəzarətdə saxlanılmasını tələb edir. Əhalinin sosial rifahı təkcə maddi təminatla deyil, həm də onun sağlamlığı, təhsili, habelə mənəvi ehtiyacları ilə üzvi surətdə bağlıdır. Adı çəkilən təminatların ödənilməsi bu sahədə xidmət göstərən şəxslərin sosial rifahının gücləndirilməsini şərtləndirir.
Bu gün təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışanların əmək haqları onların sosial ehtiyaclarının ödənilməsini tam təmin etmir. Bu baxımdan həkimlərin, müəllimlərin, kitabxana işçilərinin, habelə teatr xadimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan maliyyə tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir.
Mən indi fikrimi konkretləşdirmək istəyirəm. Millət vəkili seçildiyim Zərdab rayonunda bir sıra mövcud problemlər üzərində dayanmaq istəyirəm. Ümumiyyətlə, hörmətli hökumət üzvləri, mən keçən ilin büdcə müzakirələri vaxtı, daha sonra Nazirlər Kabinetinin hesabatına həsr olunan iclasda bu rayonla əlaqədar bəzi məsələləri nəzərinizə çatdırmışdım. Bunların həll olunmamış bəzi hissələrini bu gün bir daha təkrarlamaq istəyirəm.
Rayonda 35 kilovoltluq elektrik xətti yerinə 110 kilovoltluq xəttin yenidən qurulmasına ehtiyac vardır. Su təchizatı və kanalizasiya sistemi sahəsində problemlər mövcuddur. Bunu rayon öz daxili imkanları ilə həyata keçirməyə çalışır, lakin tam mükəmməl bir sistem yenidən qurulmalıdır. Eyni fikirləri mən suvarma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar da qeyd etmək istəyirəm. Adlarını çəkdiyim məsələlərin həlli Zərdab rayonunda sosial-iqtisadi mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına müsbət təsir göstərmiş olardı. Belə düşünürəm ki, ölkə regionlarının inkişaf etdirilməsi məqsədi ilə ayrılan maliyyə vəsaitləri ilk növbədə belə problemlərin aradan qaldırılmasına yönələrsə, torpaqla, əkinçiliklə məşğul olan kənd əhalisinin sosial rifahı da yüksələr. Bu mənada möhtərəm Prezidentimizin regionlara səfəri, mövcud iqtisadi və sosial vəziyyətlə tanışlığı müstəsna əhəmiyyət kəsb edir.
Mən sonda, Samir müəllim, bir məsələni Sizin yadınıza salmaq istəyirəm. Zərdab rayonunda təhsil sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq maliyyə vəsaitinin ayrılmasına ehtiyac vardır. Bunu Sizdən xahiş etmişdim, bu gün bir daha təkrarlamağı özümə borc bilirəm.
Sədrlik edən. Sağ olun, Jalə xanım. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Bu gün çox vacib büdcə layihəsi müzakirə olunur. Əvvəla, bu büdcə layihəsinin tərtib olunmasında iştirak edən bütün insanlara öz təşəkkürümü bildirirəm, bəzi çatışmazlıqları ilə birlikdə çox layiqincə, yüksək səviyyədə hazırlanan bu büdcə layihəsini alqışlayıram! Çox fikirlər söylənmişdir. Ona görə də mən vaxtınızı almıram və hamınızı bu büdcə layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Deyirəm, Baba müəllim çoxdandır ki, çıxış eləmirdi, nəhayət, çıxış elədi. Çox sağ ol, Baba müəllim. Mən görürəm ki, hörmətli millət vəkillərinin elə hamısı yorulubdur. Üç gündür büdcə layihəsini müzakirə eləyirik. Müzakirələrdə 77 nəfər iştirak eləyib. Mən inanıram ki, Milli Məclisin müzakirəsi dövründə bizim hörmətli millət vəkillərinin verdiyi faydalı təkliflər, fikirlər bizim hökumət nümayəndələri tərəfindən öyrəniləcək. Təklif edirəm ki, buna görə bir həftə və ya 10 gün vaxt verək, hökumət nümayəndələri bu təklifləri araşdırsınlar və ondan sonra büdcə layihəsinin hesabatına qulaq asaq və qəbuluna səs verək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mənə sual verirsən? Buyurun.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Mən, sadəcə, bir şeyi dəqiqləşdirmək istəyirdim. Hörmətli Aydın müəllimin çıxışından elə səsləndi ki, mən diplomatik qanuna istinad edərək, ona maşın gətirməklə bağlı müraciət etmişəm. Çox xahiş edirəm, hörmətli Aydın müəllim belə bir şeyin olub və ya olmadığını dəqiqləşdirsin.
Sədrlik edən. Asəf müəllim, Siz çox təcrübəli millət vəkilisiniz, debat yeri deyil, sualı ona ayrıca da vermək olardı. Sabah sosial istiqamətdə büdcə zərfinin müzakirəsini davam etdirəcəyik. Çox sağ olun.