07.12.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 67
Mill Məclisin iclas salonu.
7 dekabr 2007-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
İ. Əliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizəd.
* * *
M. Əsgərov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti.
P. Quliyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Maliyyə İdarəsinin rəisi.
T. İbrahimov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Texniki şöbəsinin rəisi.
M. Mərdanov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İnfrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsi şöbəsinin rəisi.
* * *
X. Rəhmanov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri.
R. Süleymanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri.
A. Süleymanlı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdiri.
* * *
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Ç. Fərəcov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.
X. Rəcəbli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərdamazlıq” Birliyinin baş direktoru əvəzi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. İ.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında.
2. H.M.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında.
4. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın Bəyannaməsinin təsdiq edilməsi haqqında.
5. Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə.
7. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında müntəzəm hava əlaqəsinə dair” Sazişin təsdiq edilməsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (AzDRES – İmişli elektrik veriliş xəttinin tikintisi, 2005-ci il üzrə xüsusi öhdəlik) təsdiq edilməsi barədə.
9. “KfW, Frankfurt-Mayn (“KfW”) ilə Maliyyə Nazirliyi timsalında Azərbaycan Respublikası (”Borcalan”) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (“Layihənin İcraçısı”) arasında 30.000.000 avro məbləğində Kreditin verilməsi və Layihənin həyata keçirilməsinə dair” Müqavilənin və bu Müqavilə üzrə Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında.
10. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
11. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə.
12. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında.
16. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.
17. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında.
18. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında.
19. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında.
20. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında.
21. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. “İ.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “H.M.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında müntəzəm hava əlaqəsinə dair” Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (AzDRES – İmişli elektrik veriliş xəttinin tikintisi, 2005-ci il üzrə xüsusi öhdəlik) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “KfW, Frankfurt-Mayn (“KfW”) ilə Maliyyə Nazirliyi timsalında Azərbaycan Respublikası (”Borcalan”) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (“Layihənin İcraçısı”) arasında 30.000.000 avro məbləğində Kreditin verilməsi və Layihənin həyata keçirilməsinə dair” Müqavilənin və bu Müqavilə üzrə Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
16. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
20. “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
21. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclisinin Sədri O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
7 dekabr 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 95
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamımızda var, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 5
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Başlayaq müzakirələrə. İltizam Əkbərli buyursun.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən ölkənin aqrar sektorunda yaranmış vəziyyətlə bağlı burada çıxış etmişəm. Xüsusilə dizel yanacağının bahalaşması ilə əlaqədar fermer təsərrüfatlarının düşdüyü son dərəcə ağır vəziyyəti həm deputatların, həm də hökumət nümayəndələrinin nəzərinə çatdırmaqla inanmaq istəmişəm ki, bu həyəcan siqnallarından sonra kənd təsərrüfatının tamamilə dağılmasının qarşısının alınması üçün konkret tədbirlər görüləcək.
Ancaq çox təəssüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyi konkret tədbirlər görmək əvəzinə hələ də yarmarkalar təşkil etməklə məşğuldur. Mən, ümumiyyətlə, bu yarmarkaların əleyhinə deyiləm. Bakı şəhərində fermerlərin öz məhsullarını satması üçün lazım olan hər bir şərait yaradılmalıdır. Ancaq hesab edirəm ki, rayon icra hakimiyyəti başçılarının yerli nümayəndələrinin və kənd bələdiyyələrinin şəxsi vəsaiti hesabına rayon bazarlarından müxtəlif kənd təsərrüfatı məhsullarının kütləvi şəkildə alınıb Bakının yaşayış məntəqələrində fermerlərin gətirdiyi məhsul adı altında satılması heç də vəziyyətdən çıxış yolu deyildir. Bununla nə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətini aşağı endirmək, nə də Azərbaycanda fermer təsərrüfatlarında bütün işlərin qaydasında olduğunu sübut etmək mümkün olacaq. Hələ onu demirəm ki, hər dəfə bu məhsulların rayon bazarlarından kütləvi şəkildə alınması və bununla da həmin bazarlarda qıtlığın yaradılması yerlərdə qiymətləri hara qaldırır. Fikrimcə, Kənd Təsərrüfatı Nazirliyi Bakının bu və ya digər yaşayış məntəqələrində yarmarkalar təşkil etməkdənsə, dağılmış aqrar sektorla bağlı tədbirlər barədə düşünsə, daha yaxşı olar.
Bildiyiniz kimi, kənd təsərrüfatına biganə münasibətin nəticəsi olaraq aqrar sektorda taxılçılıq təsərrüfatları da artıq sıradan çıxmaq üzrədir. Taxılın dövlət tərəfindən münasib qiymətə alınmaması yerlərdə taxıl əkinlərini sürətlə azaltmaqdadır. Ölkədə əmək haqqı və pensiyalarla müqayisədə unun qiymətinin rekord həddə çatması, əhalinin taxıl məhsulları ilə təminatında bir qədər əvvəl müşahidə etdiyimiz qıtlıq aqrar sektorda yaranmış ağır vəziyyətin göstəricisi kimi qəbul edilməlidir.
Bu sahənin tam nəzarətsiz buraxılmasının nəticəsidir ki, hətta fermerlərə kömək üçün nəzərdə tutulan 80 milyon manata yaxın vəsaitin onlara ödənilməsi də uzun müddət yubadıldı. Bu sərəncamın verilməsindən 7-8 ay keçəndən sonra, inflyasiya həmin vəsaiti qəpik-quruşa çevirəndən sonra rayonlarda onun bir hissəsinin paylanılmasına başlanıldı. İndi də qalan hissəsinin hesabına taxılçılıq təsərrüfatlarını dirçəltmək istəyirlər. Təsərrüfatların bələdiyyələrə olan borclarının ödənilməsi üçün bələdiyyə sədrlərinin ayrılan bu tipli vəsaitləri çoxdan nəzarətə götürdüklərini də nəzərə alsaq, belə yardımlarla aqrar sektorda müsbətə doğru nəyinsə dəyişəcəyinə inanmaq sadəlövhlük olardı.
Hörmətli Sədr, hesab edirəm ki, ölkənin aqrar sektorunda yaranmış ağır vəziyyət nəzərə alınmalı, bu vəziyyəti aradan qaldırmaq, ölkənin kənd təsərrüfatının tamamilə dağılmasının qarşısını almaq üçün bu məsələ burada geniş müzakirə edilməlidir. Çox sağ olun.
Sədrlik edən. İltizam müəllim, biz gündəlikdən danışdıq, Siz kənd təsərrüfatından danışırsınız. Əgər fikirləriniz varsa, xahiş edirəm, yazılı surətdə verin. Bunların komissiyada müzakirə olunmasına etirazım yoxdur. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Biz gündəliyi təsdiq elədik. Bu iclas sessiyanın sonuncu ayının axırıncı iclaslarından biri ola bilər. Mən bugünkü gündəlikdə olan məsələlərin əhəmiyyətini azaltmayaraq, bizim yaz sessiyasının iş planına daxil edilmiş çox mühüm qanun layihələrinin, o cümlədən Rəqabət Məcəlləsinin, Təhsil haqqında, Tikinti fəaliyyəti haqqında, Elm və dövlət elmi-texniki siyasəti haqqında və sair qanun layihələrinin nə vaxt müzakirəyə veriləcəyini bilmək istərdim. Mən həmin məsələlərin gündəliyimizə salınmasını xahiş edirəm və tələb edirəm.
İkincisi, il sona çatır, bizdə bir aylıq fasilə olacaq. Biz bir daha diqqətinizi ölkədəki ictimai-siyasi vəziyyətə cəlb eləmək və Sizdən xahiş etmək istərdik ki, ölkənin siyasi rəhbərliyi və xüsusən dövlət başçısı qarşısında bu məsələləri bizi narahat edən məsələlər kimi qaldırasınız. Bunlar hansılardır? İlk növbədə söz və mətbuat azadlığı ilə bağlı yaranmış problemlərin həllidir. Dünən İlqar Nəsibovun həbsi ilə Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı 10 nəfərə çatdı. Həmin şəxs, “Azadlıq” radiosunun müxbiri Naxçıvanda həbs olundu. İki-üç baş redaktorun və bir neçə jurnalistin həbsdə qalmağı davam edir. Biz xahiş edirik ki, dövlət başçısının qarşısında bu məsələni qaldırasınız və deputatların bu məsələnin həlli istiqamətində ilin sonuna qədər təcili addımlar atmaq istədiyini bildirəsiniz.
Daha bir mühüm məsələ. Gələn il seçkilərə gedirik. Ölkədə demokratik ab-havanın, demokratik mühitin yaranmasının bu seçkilərin uğurla keçirilməsi, onun nəticələrinin hamı tərəfindən qəbul edilməsi, Azərbaycanın beynəlxalq imicinin yaxşılaşması üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu demək artıqdır. Lakin elə dünən Bakı Şəhər İcra Hakimiyyəti Ukrayna meydanında insan hüquqlarının müdafiəsinə həsr olunmuş mitinqin keçirilməsinə icazə vermədi. Biz bunu “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun kobud şəkildə pozulması kimi dəyərləndirir və tələb edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti bu cür qeyri-qanuni hərəkətlərinə nəhayət son qoysun. Aydın məsələdir ki, bu, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyildir. Siyasi rəhbərlik, hakim partiya, ölkədəki bu vəziyyəti müəyyən eləyən səlahiyyətli, vəzifəli şəxslər, birinci növbədə Prezident Aparatı bu məsələdə qayda-qanun yaradılmasını təmin etsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, Milli Məclisin gündəliyi üçün keçirdiyin narahatçılığa görə çox sağ ol. Amma narahat olma, Təhsil haqqında qanun da, o biri qanunlar da Milli Məclisin gündəliyində olacaq.
O ki qaldı qaldırdığınız məsələlərə, mitinq haqqında, jurnalistlər haqqında biz də fikirlərimizi bildirmişik. Həqiqətən, bəzi jurnalistlər uydurma şeylər yazır, böhtan və hədyanları ilə insanları təhqir edirlər. Söhbət bizdən getmir, adi adamlardan gedir. Heç olmasa, yazdıqlarında həqiqət toxumu da olsun. Boş-boş şeylər yazmaqla nə jurnalist hörmət qazanır, nə ölkə. O ki qaldı mitinqlərə, mənim xəbərim yoxdur, bu məsələni də aydınlaşdırarıq. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bilirsiniz ki, qarşıda Qurban bayramı gəlir və bayramla əlaqədar cənab Prezident əfv fərmanı imzalayacaq. Mən bu məsələnin aktuallığını nəzərə alıb təkliflə çıxış eləmək istəyirəm. Oqtay müəllim, bilirsiniz ki, bir neçə ay bundan əvvəl Qarabağ partizanları adı altında 21 nəfər gənc həbs olunmuşdu. Onlar ona görə həbs olunmuşdular ki, Qarabağa getmək və torpaqlarımızı azad etmək məqsədilə silahlı dəstələr yaratmağa cəhd etmişdilər.
İndi həmin şəxslərin yarıdan çoxu azadlıqdadır. Onların həbsxanada qalan hissəsi mənim təmsil elədiyim Tərtər rayonunun sakinləridirlər. Bu baxımdan özümə borc bilirəm ki, bu məsələni nəzərinizə çatdırım. Milli Məclis olaraq bu məsələyə müdaxilə edək və Əfv komissiyasına müraciət edək ki, həmin şəxslər, heç olmasa, Qurban bayramı ərəfəsində azadlığa buraxılsınlar. Artıq onların cəmiyyət üçün, ölkə üçün heç bir təhlükəliliyindən söhbət gedə bilməz. Başlıcası, onlar dəstə yaratmağa cəhd etdikləri müddətdə də qanuna zidd heç bir başqa fəaliyyətlə məşğul olmayıb, heç kəsə xətər yetirməyiblər. Belə bir istisna olmasını da istintaq sübuta yetirməyib. O baxımdan düşünürəm ki, biz bu məsələyə müdaxilə eləsək və həmin gəncləri azadlığa buraxsaq, bundan heç kəs ziyan çəkməz. Bu bizim ölkəmizin imicinə də müsbət təsir göstərə bilər.
Sədrlik edən. Çox sağ olun, Aynur xanım. İstintaqın nəticəsini bilmirəm. Nəyə görə tutublar, bu birinci məsələdir. Əfv fərmanı isə cənab Prezidentin səlahiyyətindədir. Nəzərinizə çatdırım ki, Əfv komissiyasında bizim bəzi hörmətli millət vəkilləri də var. Onlara müraciət edə bilərsiniz. İkincisi də, o insanlar özləri müraciət eləməlidirlər ki, onların işinə baxılsın. Bu onların məsələsidir. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Bu gün bizim parlamentimiz və dövlətçiliyimiz üçün əlamətdar bir gündür. Çünki 1918-ci ildə məhz dekabr ayının 7-də Bakıda Azərbaycan parlamentinin birinci yığıncağı keçirilmişdir. Həmin dövlətin varisi olan bizlər bu günü qeyd eləməliyik. Mən bu münasibətlə parlamentimizi təbrik edir və o parlamenti quranların, sonra da o yolda şəhid olanların xatirəsini yada salmaq istəyirəm.
Mənim toxunmaq istədiyim ikinci məsələ də tariximizlə bağlı məsələdir. Bilirsiniz ki, 1945-ci il dekabr ayının 12-də Cənubi Azərbaycanda milli hökumət qurulmuşdur. Sonra elə təxminən həmin gün İranda 35 min insan qətlə yetirilmiş, 50-60 min insan sürgün edilmiş və beynəlxalq güclərin, böyük dövlətlərin və beynəlxalq qurumların xəyanəti, yalandan ümid verib milləti güdaza verməsi nəticəsində Azərbaycan böyük bir faciə yaşamışdır. Bu gün də təxminən həmin ssenarilər üzrə oyun Qarabağda oynanılır. O vaxt Zəngəzurla bağlı, Naxçıvanla və Qarabağla bağlı gedən proseslər bu gün davam edir, yenə həmin güclər ortada var və Azərbaycan üçün heç bir şey eləmədən, sadəcə olaraq, yalançı vədlər verirlər. Mən hesab edirəm, Azərbaycan parlamenti Cənubi Azərbaycanla bağlı o olayları, həm milli hökumətin qurulmasını, həm də dağıdılmasını hansı bir şəkildəsə qeyd eləməlidir. Dekabrın 12-nə qədər vaxtımız var. Bunu bizim komissiyamıza da tapşırmaq, belə bir sənəd hazırlamaq olar. Çünki o gün bu günün ərəfəsi idi, bütün hadisələr bir-birini təkrar edir.
Mənim toxunmaq istədiyim üçüncü məsələ Azərbaycanda xeyriyyəçilik məsələsidir. Bilirsiniz ki, Azərbaycanda və Azərbaycandan kənarda bu gün kifayət qədər zəngin insanlar var. Çox təəssüf ki, Azərbaycanda xeyriyyəçilik işi tamamilə unudulub. Adamların ürəyi daşa dönüb. İmkansıza da kömək eləmək istəmirlər. Milli məsələlərə, mədəniyyət məsələlərinə münasibətdə xeyriyyə işi, demək olar ki, yoxdur. Ancaq müəyyən mənada xeyriyyəçiləri də başa düşmək olar. Məncə, hansısa bir şəkildə, bunların vergi məsələsinin nəzərə alınması, yaxud xeyriyyəçiliklə məşğul olan insanların tenderlərdə nəzərə alınması yolu ilə biz imkanlı insanları xeyriyyəçilik məsələsinə cəlb eləməliyik. Dünya praktikasında bu var.
Sədrlik edən. Birincisi, nəzərinizə çatdırım ki, qismət olarsa, biz hamımız bir yerdə Azərbaycan parlamentinin 90 illiyini qeyd edəcəyik. Bu məsələ üzərində işlənilir. Hətta bu yaxınlarda Milli Məclisin müvafiq komissiyası yaranacaq ki, bu mərasimə hazırlıq işini həyata keçirsin. 12 dekabr məsələsinə gəlincə, bunun Dağlıq Qarabağ məsələsinə heç bir aidiyyəti yoxdur. Bizim əsas məqsədimiz Dağlıq Qarabağ problemini həll etməkdir. Ona görə mən fikirləşirəm ki, əsas səylərimizi bu istiqamətə yönəltməliyik. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də iki məsələ ilə bağlı çıxış etmək istəyirəm. Birinci məsələ seçicilərimin müraciəti ilə bağlıdır. 8-ci mikrorayon ərazisində yerləşən keçmiş 1 saylı evtikmə kombinatı əsasında yaradılan Bakı İnşaat Səhmdar Cəmiyyətinin səhmdarları ciddi haqsızlıqla rastlaşıblar. Səhmdarların xəbəri olmadan saxta protokol əsasında səhmdar cəmiyyətinin ərazisinin 2 hektarlıq hissəsi satılıb. Real bazarda hər sotunun qiyməti 10 minlərlə dollar olan iki hektarlıq ərazi guya üstündəki daşınmaz əmlakla birlikdə 65 min dollara satılıb.
Halbuki, səhmdarların xəbəri olmayıb. Səhmdar cəmiyyətinin əmlakının bir hissəsinin satılması məsələsinə baxılması üçün 2007-ci il sentyabrın 7-də saat 12-yə səhmdarların yığıncağı təyin edilib. Yığıncaqda 500 səhmdarın cəmi 120 nəfəri iştirak edib. Bu zaman Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Ələmşah Cəfərov toplaşanlar qarşısında çıxış edib, bildirib ki, yetərsay olmadığından yığıncaq baş tutmur və növbəti yığıncaq barədə onlara məlumat veriləcək. Onun çıxışını səhmdarlar lentə alıb və bir nüsxəsini də müraciətlə birlikdə mənə təqdim ediblər. Həmin yığıncağa gəlmiş 113 səhmdar siyahı tutub, hər biri bu siyahıya imza atıb və onu özlərində saxlayıblar.
Səhmdarlar evlərinə dağılandan sonra guya həmin gün səhmdarların ümumi yığıncağının keçirilməsi və səhmdar cəmiyyətinin mülkiyyətinin bir hissəsinin satılmasına onların razılıq verməsi haqqında saxta protokol tərtib olunub. Sonradan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində bu saxta protokol əsasında həmin alğı-satqı rəsmiləşdirilib. Bu məsələ ilə bağlı mən o sənədi, o müraciəti Respublika Prokurorluğuna göndərəcəyəm. Amma onlar çox istədilər ki, bu məsələni parlament rəhbərliyinin diqqətinə çatdırım.
Vacib bildiyim ikinci məsələ Naxçıvanda baş verən proseslərlə bağlıdır. Naxçıvandan olan deputatların da orada baş verən proseslərdən xəbəri var. Seçicilərlə olan görüşlərimdə bu ölkədə məmur özbaşınalığı ilə bağlı çox söhbətlər olub. Amma Naxçıvanda baş verənlər analoqu olmayan özbaşınalıqlardır. Bütün kəndlərdə olan çayxanalar buldozerlərin qabağına verilib sökülür. Çayxanaların vacib olmadığı barədə Vasif Talıbovun göstərişi var. Bu insanların etirazlarına məhəl qoymadan, - hətta onlar yığışanda polis zorakılığı ilə dağıdılırlar, - bu çayxanalar sökülür.
Üçüncü məsələ. Burada İkram bəy Sumqayıtda ekoloji vəziyyətlə bağlı çıxış elədi. Naxçıvanda da qəribə bir şey var. Təndirləri doldururlar, guya təndir ekologiyanı korlayır, orada çörək bişirmək olmaz. Mütləq kiminsə hesabında olan mağazalardan çörək almalısan. Belə özbaşınalıqlar baş verir. Mən istərdim buna sizin diqqətinizi cəlb edim. Sağ olun.
Sədrlik edən. Birinci məsələ, Arzu bəy, məhkəməlik məsələdir. Verin məhkəməyə. Milli Məclis də bunu nəzərə alar. Çıxışının diapazonu o qədərdir ki, Binəqədidən başlayıb Naxçıvandan çıxırsan. Naxçıvanın öz deputatları var, nə lazımsa, özləri deyəcəklər. Hərəmiz öz işimizə cavab verək. Bu müzakirələrə gündəliyin müzakirəsi demək olmaz. Bunlar ümumi müzakirələrdir. Dörd nəfər gündəlikdən bir söz demədi. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Gündəliyə iki məsələ təklif edirəm. Onlardan birincisi Dağlıq Qarabağ problemi ilə bağlı məsələnin Milli Məclisdə müzakirə olunmasıdır. Sonuncu dəfə rəhmətlik Heydər Əliyevin dövründə, 2001-ci ildə Milli Məclisdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub. O vaxtdan 6 il keçib. Amma bu problemin həllində hər hansı bir müsbət irəliləyiş yoxdur. Əksinə, Minsk qrupunun həmsədrləri, mətbuata sızan məlumatlara görə, tərəflərə Azərbaycanın maraqlarına, beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə, ədalət prinsipinə söykənməyən təkliflər təqdim ediblər. Mən güman eləyirəm ki, biz Milli Məclisdə bu məsələ ilə bağlı bir müzakirə açmalı və xarici işlər nazirini də bura dəvət eləməliyik. Milli Məclis də bu sahədə öz sözünü deməlidir.
Bundan başqa, məncə, nə qədər, Azərbaycan tərəfi dönə-dönə bəyan eləyir ki, biz bu problemin sülh yolu ilə həllini istəyirik, Dağlıq Qarabağ məsələsində Ermənistan heç vaxt güzəştə getməyəcək. Çünki bilir, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb ki, müharibə eləməyəcək. Onda nə qədər istəyirsiniz, gəlin danışaq. Onsuz da onlar Dağlıq Qarabağda bizim meşələrimizi, təbii sərvətlərimizi talan edir, orada bizim torpaqlarla necə istəyirlər, o cür də davranırlar.
Bu, təkcə iqtidara aid olan məsələ deyil. Mən qəzet səhifələrindən millətə vətənpərvərlik dərsi keçmək istəyən müxalifət partiyalarına da üzümü tuturam. Heç olmasa, siz o öhdəlikdən imtina eləyin, görsünlər ki, iqtidar belə bir öhdəlik götürsə də, Azərbaycanda bu problemin başqa cür həllini düşünən müxalifət qüvvələri var. Axı sizin müxalifət olaraq bu ölkə adından danışmaq səlahiyyətiniz yoxdur. Bu səlahiyyət iqtidara aiddir.
Bundan başqa, Oqtay müəllim, mən əmanətlərin qaytarılması ilə bağlı məsələni bir daha parlamentin gündəminə gətirmək istəyirəm. Siz büdcənin müzakirəsi zamanı bəyan eləmişdiniz ki, Milli Məclisdə bir işçi qrup yaradılacaq və biz hökumətə bu məsələ ilə bağlı təkliflərimizi təqdim eləyəcəyik. Doğrudan da, bir hökumət ki camaatın pulunu qaytarmaq üçün neçə illər ərzində bir mexanizm işləyib hazırlaya bilmir, bölgəmizdəki, dünyadakı çətin iqtisadi proseslərdən bu hökumət necə baş çıxara, iqtisadiyyatımızı necə idarə edə və onu necə inkişaf etdirə bilər? Bunun üçün mən xahiş eləyirəm, gəlin bu məsələni elə bu iclasda müzakirə eləyək, iqtisadçılardan, hüquqşünaslardan ibarət bir komissiya yaradaq. Mən əminəm ki, əmanətlərin qaytarılması mexanizmini on gün ərzində hazırlayıb hökumətə təqdim eləmək olar.
Sədrlik edən. Sağ olun. Ay hörmətli Qüdrət müəllim, biz büdcənin müzakirəsini qurtarmışıq. Hökumətin hesabatını da, büdcəni də qəbul eləmişik. Komissiya da yaranıb, işləyir. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı fikir söylənildi. Amma mən çox istərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi qarşıdan gələn Qurban bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ölkə Prezidentinə müraciət etsin və həmin jurnalistlərin əfv olunması üçün təşəbbüslə çıxış eləsin. Hesab eləyirəm ki, Avropa Şurasının sessiyası ərəfəsində, qarşıdan gələn Prezident seçkilərində Azərbaycanda söz və mətbuat azadlığının qorunması istiqamətində bu, yeni bir addım olar.
İkinci məsələ. Dünən 36 min qaçqının telefonlarını kəsiblər. Çox təəssüflə qeyd edim ki, istər Rabitə Nazirliyi, istərsə də əlaqə saxladığım səlahiyyətli qurumların heç biri bu məsələ ilə bağlı suallarıma cavab verə bilmədi. Əgər Dövlət Qaçqınkomu ilə Rabitə Nazirliyi arasında hər hansı bir problem varsa, ödənişlər gecikirsə və sair, bunu iki dövlət qurumu öz arasında həll eləməli, vətəndaşların üzərinə qoymamalıdır. Vətəndaşlar bundan əziyyət çəkməməli və həmin qaçqınların hamısının telefonu açılmalıdır.
Üçüncü məsələ bilavasitə mənim ərazimə, Xətai rayonunun ərazisinə aiddir. Oqtay müəllim, mən həmişə çalışmışam, problemləri yerində həll eləyim. Amma neçə gündür mən bu məsələdə bir mərkəzi tapa bilmirəm. Hər həftənin II-IV-VI günlərində Xətai rayonu ərazisində gecə saat 1-də işıqları söndürürlər. İstənilən instansiyaya zəng eləyirik, deyirlər limit tətbiq olunub və bunu mərkəz müəyyən eləyir. Mən “Uzaq sahillərdə” filmindəki Mixaylo kimi neçə gündür, bu mərkəzi tapa bilmirəm. Müəyyən eləyə bilmirəm ki, bu mərkəz haradır. Hara zəng eləyirəmsə, deyirlər yuxarılar buyurub. Bakının küçələrində bütün gecə ağacları bəzəyən işıqlar bərq vurur. Amma gecə saat 1-də evlərin işığını söndürüb, səhər saat 5-ə qədər limit tətbiq eləyirik. Vətəndaş işığın pulunu ödəyir. Nə limitidir bu?
Hökumət burada hesabat verərkən mən dedim ki, işıqdan pulların yığılması məhz o limitlərin hesabına həyata keçirilir. Çox təəssüf ki, bəzi qurumlar buna etiraz etdi. Həqiqətən də, bu belədir. Həftədə üç dəfə gecə saat 1-də evlərdə işıqlar söndürülür. Bunun xəstəsi var, ağır vəziyyətdə olanı var, problemləri olanı var, işləyəni var, elmi iş yazanı var. İşləyir bu adamlar. Niyə işıq söndürülür? Yenə deyirəm, çölü bəzəyirik, bütün şəhər boyu ağaclara lampa düzürük, amma gecə evlərdə işığı söndürürük ki, olmaz. Mən xahiş eləyirəm, o mərkəzin tapılmasında Milli Məclis də mənə yardımçı olsun. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, deyirsən ki, limitin hesabına işığın pulunu yığırlar. Yəni limitin hesabına bunu necə yığırlar, aydın deyil. Amma dediyiniz məsələ ilə maraqlanarıq. Limit hesabına işıq pulu yığmaq olmaz. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür eləyirəm, cənab Sədr. Bilirsiniz ki, ölkənin ərzaq təhlükəsizliyini təmin eləmək üçün hökumət tərəfindən çox ciddi addım atılmışdır. Bu da ondan ibarətdir ki, məxsusi olaraq buğda istehsalçılarına buğda əkilən hər hektar üçün əlavə 40 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuş və bu, buğda istehsalında çox böyük canlanma yaratmışdır. Bu sahədə yəqin ki, gələn il payızda biz nəticələri görəcəyik.
Lakin bir problem var. Hökumət tərəfindən həmin vəsaitin sənədləşdirilməsi üçün son tarix dekabr ayının 8-i təyin olunmuşdur. Ölkədə, xüsusən də onun şimal-qərb bölgəsində yağmurlu hava keçdiyi üçün səpin müddəti bir az uzandığından bir çox taxıl istehsalçıları həmin müddətdə öz sənədləşdirmələrini başa çatdıra bilmir. Mən başa düşürəm, bu sənədləşmənin belə qısa müddətə təyin olunması maliyə ilinin sonu ilə bağlıdır. Çünki həmin vəsait bu maliyyə ili üçün nəzərdə tutulmuşdur. Amma səpin sahələrinin genişləndirilməsi üçün bu müddətin bir qədər uzadılması çox vacibdir. Ona görə mən təklif eləyərdim ki, taxıl istehsalçıları tərəfindən həmin vəsaitin alınması üçün sənədlərin təqdim müddəti, heç olmasa, dekabr ayının 15-nə kimi uzadılsın. Çox sağ olun, təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür eləyirəm. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım, dəyərli mətbuat nümayəndələri! Mən üç məsələyə münasibət bildirmək istəyirəm. Bu gün ən aktual məsələ Azərbaycanda vətəndaşların enerji daşıyıcılarından istifadəsi ilə bağlıdır. Hətta Bakı və onun ətrafında olan yaşayış massivlərində elektrik enerjisi, qaz və istilik təchizatı ilə bağlı çox acınacaqlı vəziyyət yarandığından insanlar bu gündəlik qayğılar ilə yaşamaq məcburiyyətində qalırlar. Mən hələ bizim bölgələri, rayonları demirəm.
Mən bunu keçən iclaslarda hökumət hesabat verərkən Marlen müəllimə dedim. Dedi, bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Bunu mən də bilirəm. Ancaq müdaxilə eləmək mümkündür. Hörmətli Oqtay müəllim, mən Sizdən xahiş eləyirəm, bu məsələ Milli Məclisdə müzakirə olunsun. Millət vəkillərinin hərəsi bir rayondan, ərazidən deputat seçilib və seçicilərin bu problemi ilə gündəlik rastlaşırlar. Onlara yüzlərlə belə müraciətlər olur ki, bu problem həllini tapsın.
“Barmek” Azərbaycanda fəaliyyətə başlamamışdan öncə, sayğacsız dövrdə borclar yığılmışdı. “Barmek” gələndən sonra bütün rayonlarda xüsusi komissiya yaradıldı. İnsanlar müraciət edirdi, sayğac üzrə enerjinin üç aylıq sərfiyyatının orta qiyməti ilə əvvəlki dövrlərin borcu müəyyən edilirdi və insanlar bundan razı qalırdılar. Amma “Barmek” gedəndən və idarəetmə bizim “Azərenerji”yə veriləndən sonra artıq “Barmek”dən əvvəlki borclar vətəndaşların üzərinə qoyulur. Heç bir xəbərdarlıq olmadan işıqlar kəsilir və deyirlər ki, əgər etirazınız varsa, buyurun, məhkəməyə müraciət edin. İnsanlar məhkəməyə müraciət eləyir, məhkəmənin qərarını alana qədər bir neçə ay vaxt keçir, bilirsiniz. Bu insanlar qışın bu vaxtında nə eləməlidir? Mən xahiş eləyirəm, Oqtay müəllim, bu hamını narahat eləyən bir məsələ olduğuna görə Siz ona xüsusi diqqət yetirəsiniz.
İkinci məsələ. Bilirsiniz ki, Sumqayıtdan Bakı şəhərinə hər gün on minlərlə insan işləməyə, təhsil almağa gəlir-gedir. Bu gün 20 yanvar dairəsindən Sumqayıta getmək üçün insanlar saat yarım, bəzən bir saat gözləməli olurlar. Mən xahiş eləyirəm, bu məsələni də diqqətdə saxlayın.
Bir məsələni də qeyd etmək istərdim. Bilirsiniz ki, bu gün Türkiyədə PKK ilə bağlı çox ciddi tədbirlər görülür. Keçən iclasların birində biz bu məsələni qaldıranda hörmətli Ziyafət müəllim burada dedi ki, prezidentlər arasında...
Sədrlik edən. Oldu, aydındır, aydındır. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada deyilən bir sıra fikirlərə mən də öz münasibətimi bildirmək istəyirəm.
Qüdrət bəy burada məsələ qaldırdı ki, iqtidar nə qədər sülh-sülh desə, bizim ziyanımızadır. Əvvəla, bəli, biz istəyirik, bu məsələ sülh yolu ilə həll olunsun. Amma BMT-nin Nizamnaməsi var. Hər hansı sənədin qəbul edilməsindən asılı olmayaraq, BMT Nizamnaməsinə görə hər bir dövlət öz ərazisini istənilən yolla azad etməkdə haqlıdır. Lazım gəlsə, müharibə də eləmək olar. Amma, əlbəttə, bunun vaxtı var. Ona görə də mən konkret deyə bilmərəm ki, bu haçan baş verə bilər. Yenə deyirəm, bizim fikrimiz bu məsələni sülh yolu ilə həll eləməkdir, amma müharibə də istisna deyil və biz bunu heç vaxt inkar eləməmişik. Bu bizim tərəfimizdən camaatı təslimçilik ruhunda tərbiyə eləmək də deyil. Azərbaycanın güclü ordusu da, iqtisadiyyatı da var və biz bu məsələni istənilən vaxt müharibə yolu ilə həll eləyə bilərik. Amma hələlik biz hesab eləyirik ki, bu məsələni sülh yolu ilə həll eləmək üçün bu məqamda, bu anda danışıqların aparılması lazımdır.
Burada jurnalistlərin həbsi ilə bağlı fikirlər söylənildi. Bu məsələ müxalifət nümayəndələri tərəfindən çox qaldırılır. Bilirsiniz, doğrudan da, təəccüblüdür. Azərbaycanda müxtəlif sahələrdə çalışan insanlar var − müəllim var, həkim var, digər sənət sahibləri var. Hansı motivlə cinayət məsuliyyətinə cəlb edilmələrindən asılı olmayaraq bunlar həbsə alınanda heç kimin səsi çıxmır. Amma jurnalist hər hansı bir motivlə cinayət məsuliyyətinə cəlb olunanda o saat ajiotaj qaldırırlar ki, jurnalist həbs olundu. Bu jurnalist nə üçün həbs olunub, hansı cinayət əməlinə görə cəzalandırılıb − quldurluq eləyib, oğurluq eləyib, adam öldürüb? Bu araşdırılmalıdır axı. Elə adı jurnalistdir, vəssalam. Adını qoyaq siyasi məhbus, bununla da məsələ bitsin.
Mənim heç yadımdan çıxmır, bu yaxınlarda biz Avropa İttifaqından gəlmiş bir nümayəndə heyətini qəbul eləyirdik. Onlar mənə bu məsələ ilə əlaqədar sual verdilər. Mən də onlardan soruşdum ki, siz siyasi məhbus kimə deyirsiniz, siyasi məhbus deyəndə nəyi başa düşürsünüz? Avropanın hansı hüquqi sənədində, İnsan hüquqları haqqında Avropa Konvensiyasında, Avropa İttifaqına daxil olan hansı dövlətin qanunvericiliyində siyasi məhbus anlayışının tərifi var? Bunlar mənə dedilər ki, bilirsiniz, Avropa Şurasında bəzi hörmətli, tanınmış hüquqşünaslar var, bunların özlərinin meyarları var və bu meyarlara görə biz siyasi məhbus anlayışını müəyyən eləyirik. Mən onda dedim ki, bizdə Lətif Hüseynov var, beynəlxalq təşkilatlarda insan hüquqları üzrə ekspertdir. Bizdə Nizami Səfərov var. Onda onların da qəbul etdikləri meyarları siz qəbul eləməlisiniz. Axı, hər hansı bir hüquqşünas alimin subyektiv meyarı bizim üçün qanun ola bilməz.
Dünyada siyasi məhbus anlayışı yoxdur. Uydurma bir şeydir. Sadəcə olaraq, Azərbaycanın daxili işlərinə qarışmaq üçün bir əsasdır. Bunu əldə bayraq eləyiblər, bu əsasla Azərbaycanın daxili işlərinə qarışırlar. Azərbaycanda konkret Cinayət Məcəlləsi var, Cinayət-Prosessual Məcəlləsi var. İlyas müəllim burada oturubdur. Neçə il respublikanın Baş prokuroru işləyibdir. Burada müxalifətdən olan hüquqşünaslar var. Mənə desinlər görüm, siyasi məhbus nədir? Varmı beynəlxalq hüquqda belə bir şey? Varmı Azərbaycan qanunvericiliyində belə bir şey?
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Qulaq as. Siz danışanda...
Yerdən. (Eşidilmir.)
Z. Əsgərov. Qulaq as.
Sədrlik edən. Ay Pənah bəy, yenə başlama köhnə xasiyyətinə.
Z. Əsgərov. Qulaq as, mən onu da izah edəcəyəm, darıxma. Siz deyirsiniz ki, bəs onda nə üçün iqtidar “siyasi məhbus” deyilən o insanları buraxdı? Əvvəla, iqtidar onları ona görə buraxmayıb ki, onlar siyasi məhbusdurlar. Buraxılan yüzlərlə adam arasında onlar da olub. Bu, sadəcə, Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gəlib. Azərbaycanın dövlət başçısı dəfələrlə siyasi iradə göstərib, əfv fərmanları veribdir. Azərbaycan parlamenti amnistiya aktı veribdir. Biz təkcə sizin siyasi məhbus adlandırdığınız insanları yox, məhbəsdə olan başqa insanları da azadlığa buraxırıq. Yəni bir məsələni deyəndə onu hüquqi cəhətdən əsaslandırmaq lazımdır.
Kimsə gedib, Avropa Şurasında İnsan Hüquqları Məhkəməsinə, deyək ki, hansısa bir şikayət edibdir və bunun lehinə qərar çıxarılıbdır. Bu qərar çıxarılıb, ona görə yox ki, o, siyasi məhbusdur, sadəcə, ona görə ki, istintaq vaxtı qanunvericiliyin tələbləri pozulubdur. Avropa Məhkəməsi, İnsan Hüquqları Məhkəməsi buna görə qərar çıxarıb. Daha ona görə yox ki, o adam siyasi məhbus kimi tanınıb, qəbul edilib. Ona görə şəxsən mənim üçün, ümumiyyətlə, siyasi məhbus anlayışı yoxdur. Mən bunu bir hüquqşünas kimi tam məsuliyyəti ilə deyirəm. Nə vaxt İnsan hüquqları haqqında Avropa Konvensiyasında siyasi məhbus anlayışı verilər, ondan sonra bu barədə danışarıq.
Mən başa düşürəm, bizdə bəzi “insan hüquqları alverçiləri, dəllalları” var. Üzr istəyirəm ifadəmə görə. “Siyasi məhbus” məsələsi bunların biznesidir. Bu biznes getdi, bunların fəaliyyəti batdı, vəssəlam, bunları heç kim tanımayacaq. Yaxşı qrant alırlar. Bunlar üçün yaxşı pul xərcləyirlər ki, Azərbaycanda bu məsələ daim Damokl qılıncı kimi bizim başımızın üstündən asılsın.
Burada bilmirəm, deputatlardan kimsə PKK ilə bağlı məsələ qaldırdı. Bəli, biz bu məsələ ilə əlaqədar mətbuata məlumat vermişik, mətbuatda bizim komissiyanın üzvlərinin çıxışları olub. Bilirsiniz ki, Türkiyənin Cümhur Başkanı hörmətli Abdullah Gül burada olanda həm o, həm də bizim Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bəyan elədilər ki, Azərbaycan PKK-ya qarşı mübarizədə Türkiyənin yanındadır. Bundan artıq nə bəyanat olmalıdır? Bununla əlaqədar bəyanat qəbul olunubdur. O bəyanat da Azərbaycan parlamentinə gələcək. Həmin bəyanatı siz qəzetlərdən oxumusunuz. Orada açıq göstərilir ki, Azərbaycan nəinki PKK-ya, ümumiyyətlə, terrorizmə qarşı mübarizədə Türkiyənin yanındadır. Çünki terrorizmdən ən çox əziyyət çəkən bəlkə də elə bizik. Biz bilirik erməni terrorizmi nədir. Ona görə də hesab eləyirik ki, terrorizmə qarşı mübarizə təkcə Azərbaycanın və Türkiyənin deyil, bütün dövlətlərin işi olmalıdır.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Burada söz və mətbuat azadlığı ilə bağlı fikir səsləndi. Bilirsiniz, bizim Konstitusiyamızda da, qanunlarımızda da bununla bağlı kifayət qədər müddəalar var. Azərbaycanda söz və mətbuat azadlığının inkişafı üçün dövlətin siyasi iradəsi də var, hüquqi bazamız da var. Minlərlə qəzet, jurnal çıxır. Mən hələ elektron kütləvi informasiya vasitələrini demirəm. Kim nə istəyir yazır, kim nə istəyir pozur. Kim-kimi istəyir təhqir eləyir, kim-kimi istəyir söyür, böhtan atır. Yəni bundan da artığını istəyirsiniz?
İndi diffamasiya məsələsini ortaya atıblar. Diffamasiya, mənim əzizim, birinci növbədə jurnalistin məsuliyyətidir, Cinayət Məcəlləsindən təhqirə və böhtana görə maddələrin yığışdırılması deyil. Biz bilirik, o maddələri yığışdırmaqda hansı ölkələrin, hansı beynəlxalq təşkilatların hansı məqsədi var. Bu maddələrə görə bizdə çox nadir hallarda kimsə cinayət məsuliyyətinə cəlb olunub. Amma Cinayət Məcəlləsində bu qoruyucu maddələr ola-ola bu gün bu cür təhqir, böhtan baş alıb gedirsə, görün bu maddələr çıxandan sonra nə olacaq. Sonra siz bunun qabağında dura biləcəksiz? Bütün Azərbaycan xalqını təhqir eləyəcəklər. Burada oturan məmurlar, deputatlar kimliyindən asılı olmayaraq təhqir olunacaqlar. Yəni burada müxalifət də gedir, iqtidar da gedir. Dəxli yoxdur, Azərbaycan vətəndaşıdır.
Ona görə də mən xahiş edirəm, qoy o diffamasiya anlayışını, diffamasiya haqqında qanunu bizə yeritmək istəyən Avropa İttifaqı ölkələrindən bir nəfər o diffamasiya haqqında qanunu gətirib göstərsin bizə, desin ki, bax, hörmətli Azərbaycan parlamentinin üzvləri, bizdə bu qanun qəbul olunub, siz də qəbul edin. Varmı Avropa İttifaqında belə bir qanun? Niyə biz qabağa düşməliyik? Qoy Avropa İttifaqına daxil olan ölkələr bizə bir nümunə göstərsinlər, ondan sonra biz baxarıq. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Mən çıxış vaxtımı Siyavuş müəllimə verirəm.
Sədrlik edən. Siyavuş Novruzov. Amma iki nəfər də çıxış edəcək. Ziyafət müəllim bir az çox danışdı. O, vitse-spikerdir.
S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də gündəlikdə olan qanun layihələri ilə razıyam və hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanuna biz gələcək üçün vacib olan dəyişikliklər və əlavələr etməliyik. Neçə dəfə bu məsələ qaldırılıbdır. Həqiqətən, o qanunda müəyyən dəyişikliyə böyük ehtiyac var.
İkinci məsələ. Son vaxtlar erməni mətbuatı, bir də bizim müxalifət mətbuatı Naxçıvan haqqında çox ciddi böhtanlar yazmaqdadır. Ermənilər Naxçıvanda erməni abidələrinin olduğunu və onların guya dağıdıldığını iddia edirlərsə, müxalifət mətbuatı da olmayan şeylərlə bağlı şər, böhtan dolu yazılar yazır. Bu gün burada bir qrup deputat ayrılsın, getsin Naxçıvan Muxtar Respublikasına, görsünlər nə qədər abadlıq işləri aparılır, nə qədər məktəblər tikilib, xəstəxanalar tikilib, yollar çəkilib. Naxçıvan yenidən qurulur və bu gün artıq kiçik bir Avropa dövlətinə bənzəyir. Təbii ki, bunu ermənilərin gözü götürmür, aydın məsələdir. Bizimkilər niyə bundan narahatdır, bunu mən başa düşmürəm.
Burada həmkarım Arzu müəllim qeyd etdi ki, ona Naxçıvanla bağlı zəng edib şikayətlərini bildirirlər. Birincisi, Naxçıvan Muxtar Respublikasına gedib hər şeyə yerində baxmaq olar. İkincisi, mən başa düşürəm, AXCP-Müsavatın təməli çayxanalarda qoyulduğuna görə çayxanalara meyl güclüdür. Bəli, kənd mərkəzlərində ciddi abadlıq işləri aparılır. Köhnə, yöndəmsiz tikililər sökülür, yerində parklar, yollar salınır, abadlıq işləri görülür. Obyekti sökülən hər bir şəxsə də yeni yer ayrılır ki, burada get tik. Onlar da müasir standartlara uyğun daha gözəl obyektlər tikirlər. Burada tikinti-abadlıq işləri aparılır. Bunun nəyi pisdir?
Başqa bir məsələ. Qərar çıxarılıb ki, rayon taksiləri şəhər ərazisinə daxil ola bilməz. Gətirdiyi müştərini şəhərin girəcəyində düşürməli və onu ünvana şəhərdə işləyən taksilər çatdırmalıdır. Məncə, biz bunu Bakıda da tətbiq etməliyik. Özümüz şahidik, hərdən Bakıya taksi ilə gələndə sürücüyə şəhərdə iyirmi dəfə yolu göstərməli olursan. Yolu tapa bilmir ki, səni aparsın. Bu yaxşıdır, yoxsa orada tətbiq olunan normalar? Və ya maşınlar neçə ilə qədər sürülə bilər, neçə ildən sonra sürülə bilməz. Bəli, biz ekologiyanı da qorumalıyıq.
Kim deyir ki, Naxçıvanda təndirlər doldurulur? Bu, yalandır. Söz tapılmır, ona görə bu məsələləri ortaya atırlar. Orada gedən abadlıq işləri kimlərəsə mane olur, kimlərinsə gözünə pis görünür.
Ona görə mən hesab edirəm ki, bu gün blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası haqqında danışanda hər bir kəs dediyi söz üçün məsuliyyət daşımalı, erməni dəyirmanına su tökməməlidir. Mən hamınızı Naxçıvana dəvət edirəm. Özünüz gedin, görün orada vəziyyət necədir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov. Bununla müzakirələri bitiririk.
Ə. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr! Milli Məclisə bu gün təqdim olunan gündəliklə əlaqədar müzakirələr üçün 30 dəqiqə vaxt ayrılmışdı. Amma təəssüflər olsun ki, heç kim bu barədə danışmadı. Ona görə mən də qoyulmuş ənənəyə əməl etməyə məcburam.
Mən burada bəzi çıxışlarda Azərbaycanda ikili standartın tətbiq olunması cəhdlərini gördüm. Biz dəfələrlə Azərbaycana münasibətdə ikili standartlardan ölkəmizin nə qədər əziyyət çəkdiyini ifadə etmişik. İndi Azərbaycanın müxalifəti Azərbaycanda ikili standartların tətbiq edilməsinin tərəfdarıdır. Jurnalist də vətəndaşdır. Mən Ziyafət müəllimin dediklərini dəstəkləyirəm. Jurnalistlər də Azərbaycanın qanunlarına tabe olmalı və qanunlar çərçivəsində fəaliyyət göstərməlidirlər. Biz Azərbaycanda heç kimin həbs olunmasını arzu etmirik. Yaxşı olardı ki, jurnalistlər də həbs olunmasınlar. Amma jurnalistlər əgər digər insanların hüquqlarını pozurlarsa, bunun onlara bağışlanılması, yəqin ki, onlara qarşı ikili standartların tətbiq edilməsi və başqalarına qarşı haqsızlıq olardı.
Prezidentə jurnalistlərin əfv olunması ilə əlaqədar müraciətlər barəsində fikirlər səsləndirilir. Bəlkə də bunu qəbul etmək olar. Amma hesab edirəm ki, bu təklifi irəli sürənlər eyni zamanda, müraciətlərinin bir hissəsini də jurnalistlərə ünvanlanmalıdırlar ki, onlar da insanları təhqir etməkdən əl çəksinlər. Niyə bu sizin ağlınıza gəlmir? Niyə bir dəfə demirsiniz ki, jurnalistlər insanları təhqir edir, gəlin qəzet rəhbərliklərinə müraciət edək, bəlkə müxbirlər insanları təhqir etməkdən əl çəksinlər. Bu barədə niyə heç düşünmək də istəmirsiniz? Bu gün sanki Azərbaycanda bir jurnalist təxribatı görünməkdədir. Qəsdlə insanları təhqir edir və təbii ki, Azərbaycanın qanunlarına görə cəza alır, sonra da bu cəzanı siyasi bir şouya çevirirlər ki, bəli, Azərbaycanda insan haqları, mətbuat, söz azadlığı pozulur və sair. Hesab edirəm ki, biz bu məsələni kompleks şəkildə həll etməyə çalışsaq daha düzgün olar.
İkinci bir məsələ ilə əlaqədar mən münasibətimi bildirmək istəyirəm. Baxmayaraq ki, buna münasibət bildirildi. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə əlaqədar mövqeyi tam aydındır. Eyni zamanda, Azərbaycanın bu münaqişəni təkcə sülh yolu ilə həll etmək xətti götürdüyünü də demək olmaz. İndiki halda bir sıra kənar təşkilatlar Azərbaycanı müharibə çağırışlarına görə, öz silahlı qüvvələrini möhkəmləndirdiyinə görə günahlandırırlar. Belə çıxır ki, xaricdə Azərbaycanı bu münaqişəni istənilən yolla həll etmək istədiyinə görə tənqid edirlər. Azərbaycanın içərisində isə bunu bizə irad tuturlar ki, Azərbaycan münaqişəni guya yalnız sülh yolu ilə həll etmək niyyətindədir. Əgər bizdə belə bir niyyət olsaydı, istəyimiz yalnız bundan ibarət olsaydı, Azərbaycan bu qədər təzyiqlərə məruz qalardımı?
Üçüncü məsələ. Söz azadlığının verilməməsi ilə əlaqədar...
Sədrlik edən. Çox sağ olun. Jurnalistlərdən çox danışdıq. Amma bir şeyi deyim ki, bizdə peşəkar fəaliyyətinə görə həbs olunan jurnalist yoxdur. Bu bir. İkinci, məhkəmə var, üçüncü, Avropa Məhkəməsinə də müraciət etmək olar. Yəni bütün bu məsələlər məhkəmə yolu ilə həll oluna bilər. O ki qaldı yazılara, mən bütün millət vəkillərindən bir xahiş edərdim. Yəqin ki, artıq çoxları oxuyublar, dünənki “Azərbaycan” qəzetində iki erməni diplomatının açıq məktubu var. Xahiş edərdim ki, hamımız o yazıya bir nəzər yetirək. Görək ki, ermənilər tərəfindən Azərbaycan diplomatiyası ilə Ermənistan diplomatiyasına necə qiymət verilir. Bir bu məqaləni oxuyun, sonra münasibətinizi bildirərsiniz.
Mən hesab edirəm ki, müzakirələr qədərincə oldu. İndi keçək gündəliyə. Hörmətli millət vəkilləri, Əli Hüseynov gündəliyin 1-ci və 2-ci məsələləri haqqında məruzə etsin, sonra ayrı-ayrı səsə qoyarıq. Buyurun, Əli müəllim.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr! Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Konstitusiyanın 95-ci maddəsinə uyğun olaraq cənab Prezident tərəfindən Milli Məclisə İslam Əli oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və eyni zamanda, onun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimat daxil olmuşdur. Məlumat üçün demək istəyirəm ki, bu məsələyə Məhkəmə-Hüquq Şurasında baxılmışdır.
Hakimin ərizəsi və onun tərcümeyi-halı sizə paylanıb. Qısaca onu bildirmək istəyirəm ki, İslam Əliyev 2003-cü ildən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, peşəkarlığı və nəzəri bilikləri ilə seçilib.
Təsadüfi deyil ki, 2005-ci ildə Məhkəmə-Hüquq Şurası onun hakimlərin seçki komissiyasının üzvü kimi fəaliyyət göstərməsi məsələsinə də müsbət münasibət bildirmişdir. Bilirsiniz ki, hakimlərin seçki komissiyası hakimlərin seçilməsi ilə bağlı testlərin hazırlanmasında yaxından iştirak etmiş və seçki prosesinin şəffaf keçirilməsini təmin etmişdir. Demək istəyirəm ki, qısa müddət ərzində o özünü nəzəri bilikləri ilə seçilən bir hakim kimi göstərmişdir. Məhz buna görə də onun Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim təyin olunması ilə bağlı təşəbbüs irəli sürülmüşdür.
İkinci məsələ isə Hüseyn Məmməd oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi ilə bağlıdır. Biz bu məsələni də həll edəcəyik. Onun ərizəsində də qeyd olunub, mən də məlumat üçün sizə bildirmək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası tərəfindən onun Naxçıvan şəhər Məhkəməsinin sədri təyin olunması ilə bağlı cənab Prezidentə müraciət olunmuşdur. Amma bu məsələ Prezident tərəfindən həll olunacaqdır. Bizə aid olan məsələ onun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsidir. Beləliklə, biz bu gün 2 məsələyə münasibət bildirməliyik. Bunlar İslam Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə seçilməsi və Hüseyn Məmmədovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi ilə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İki nəfər millət vəkilinin danışması lazımdır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İsa Həbibbəyli, buyurun.
İ. Həbibbəyli. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Mən həm İslam Əliyevi, həm də Hüseyn Məmmədovu yaxından tanıyıram. Hər ikisi Naxçıvan Dövlət Universitetinin məzunlarıdır. Yüksək hüquqi biliklərə malikdirlər və ictimaiyyət arasında kifayət qədər nüfuzları var. Qısa müddətdə özlərini yaxşı cəhətdən göstəriblər. Ona görə də mən İslam Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsini məntiqi və qanunauyğun hesab edirəm. İnanıram ki, İslam Əliyev ona göstərilən yüksək etimadı doğrulda biləcəkdir.
Eyni zamanda, Hüseyn Məmmədov haqqında çıxarılan qərar və ona göstəriləcək etimad onun peşə səviyyəsi və qazandığı ictimai rəylə tamamilə uyğundur.
Yeri gəlmişkən, burada hüquq mühafizə orqanları ilə bağlı səslənən fikrə münasibət bildirmək istəyirəm. Burada deyildi ki, həmişə Naxçıvanda jurnalistlər azadlıqdan məhrum edilir. Naxçıvan Azərbaycan jurnalistikasına Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şaxtaxtılı, Məhəmmədəli Sidqi, Məmməd Əkbər kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir. Naxçıvanda jurnalistlərə qarşı heç bir təzyiq yoxdur. Əksinə, Naxçıvanda jurnalist adından istifadə edib müxtəlif cinayət halları törədən insanlara qarşı mübarizə var.
Konkret olaraq “Azadlıq” radiosunun müxbiri də jurnalist olduğu üçün yox, Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərsalma sahəsində aparılan abadlıq işlərinə yersiz müdaxilə etdiyinə və bu zəmində polislə qarşıdurma yaratdığına görə həbs edilib. Onun həbs olunmasının mətbuat və söz azadlığına heç bir aidiyyəti yoxdur. Elə bilirəm ki, mətbuat haqqında qanuna yenidən baxılmalıdır. Hesab edirəm ki, qanunda iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq jurnalistin məsuliyyət məsələsi daha da möhkəmləndirilməlidir.
Sonra deyilənlər yenə də inzibati orqanlarla bağlı olan məsələdir. Naxçıvanda təndirlərin və çayxanaların sökülməsi prosesi getmir...
Sədrlik edən. Çox sağ olun. Mən üzr istəyirəm, bu məsələlər haqqında danışıldı.
Xahiş edirəm, gündəliyin 1-ci məsələsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul olundu.
Xahiş edirəm, gündəliyin 2-ci məsələsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 2
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqındadır. Hörmətli millət vəkilləri, bu deputatların adları və təklifləri sizin hamınızda yazılı şəkildə var. Onu bir də təkrar etməyə ehtiyac yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın Bəyannaməsinin təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2007-ci il oktyabrın 16-da Tehran şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının II Zirvə Toplantısı çərçivəsində qəbul olunmuş Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın Bəyannaməsi çox vacib və əhəmiyyətli bir sənəddir. Bəyannaməni diqqətlə oxusaq, görərik ki, bütün bəndlər Azərbaycanın xarici siyasəti üçün əhəmiyyətlidir. Bu bəyannamə Azərbaycanın maraqlarına uyğun şəkildə tərtib olunub və Azərbaycanın xarici siyasətinin prinsiplərini əhatə edir. Bəyannamə komissiyanın iclasında geniş şəkildə müzakirə olunub və komissiya üzvləri yekdilliklə onun təsdiq olunmasına müsbət münasibət bildiriblər. Ona görə mən də millət vəkillərindən bu bəyannaməyə müsbət rəy vermələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsinin təsdiq edilməsi barədədir. Səməd Seyidov, buyurun.
S. Seyidov. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycanın xarici siyasəti çoxşaxəlidir, balanslaşdırılmışdır. Azərbaycanın son illərdə Avropa İttifaqına yeni qəbul olunmuş ölkələrlə apardığı siyasət çox vacibdir, məntiqlidir və Azərbaycanın maraqlarına tam şəkildə uyğundur. Son illərdə Litva Respublikası Prezidentinin Azərbaycana gəlişi və Azərbaycan Respublikası Prezidentinin Litvada imzaladığı sənədlər Azərbaycan Respublikasının Avropa Birliyi ölkələri ilə əlaqələrinin yüksək səviyyəyə qalxmasını göstərir. Ona görə də bu sənəd Azərbaycanın maraqlarını əks etdirir və Azərbaycanın xarici siyasətinin prinsiplərinə tam uyğundur. Komissiyamız bu sənədə müsbət rəy verib. Mən də sizdən xahiş edirəm ki, buna öz müsbət rəyinizi verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi barədədir. Azər Əmiraslanov, buyurun.
A. Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2007-ci il oktyabrın 18-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında” Saziş və onun Protokolu imzalanmışdır. Bu sənədlər təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Saziş iki ölkə arasında qeyd edilən nəqliyyat növü ilə sərnişin və yük daşımalarının, o cümlədən tranzit daşımaların sadələşdirilməsini nəzərdə tutur. Ölkəmizin iqtisadi potensialı ilə yanaşı, tranzit imkanlarının da artması yüksək inkişaf etmiş ölkələrlə nəqliyyat sahəsində ikitərəfli əlaqələrin qurulmasına zəmin yaradır. Hörmətli deputatlardan təqdim edilmiş sənədə müsbət münasibət bildirmələrini xahiş edirik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında müntəzəm hava əlaqəsinə dair” Sazişin təsdiq edilməsi barədədir. Azər Əmiraslanov, buyurun.
A. Əmiraslanov. Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında imzalanmış digər saziş müntəzəm hava əlaqələri ilə bağlıdır. Bu saziş 2007-ci il oktyabrın 9-da Bakı şəhərində imzalanmışdır. Saziş iki ölkə arasında beynəlxalq hava əlaqələri üzrə imkanların genişləndirilməsini, beynəlxalq aviasiya sisteminin inkişaf etdirilməsini, beynəlxalq hava xidmətinin potensialından maksimum istifadə edilməsini və onun keyfiyyətinin yüksəldilməsini nəzərdə tutur. Bu saziş də ölkəmizin ikitərəfli əlaqələrinin artıq keyfiyyət mərhələsinə keçdiyini bir daha təsdiq edir. Hörmətli millət vəkillərindən xahiş edirik ki, sazişin təsdiq olunmasına səs versinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (AzDRES – İmişli elektrik veriliş xəttinin tikintisi, 2005-ci il üzrə xüsusi öhdəlik) təsdiq edilməsi barədədir. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova söz verilir.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Gündəliyin 8-ci və 9-cu məsələləri bir-birinə bağlı olduqlarına görə icazə versəydiniz, onları birləşdirib məruzə edərdim.
Sədrlik edən. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 10 noyabr tarixli məktubu ilə Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq olunmaq üçün “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Saziş, Almaniyanın İnkişaf bankı olan KfW, Frankfurt-Mayn (“KfW”) ilə Maliyyə Nazirliyi timsalında Azərbaycan Respublikası (“Borcalan”) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (layihənin icraçısı) arasında 30.000.000 avro məbləğində kreditin verilməsi və layihənin həyata keçirilməsinə dair Müqavilə və bu Müqavilə üzrə Xüsusi Razılaşma təqdim edilib.
Təqdim edilmiş saziş, müqavilə və xüsusi razılaşma Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının 2007-ci il 22 noyabr tarixli iclasında müzakirə edilmiş və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Təqdim edilmiş sənədlər və bu sənədlərlə əhatə edilən layihə haqqında qısa izahat vermək, fikrimcə, müzakirələrin konkret, qısa və səmərəli olmasına yardım edərdi.
Azərbaycanda son illər ərzində elektrik enerjisi sahəsində aparılan işləri, görülən tədbirləri 3 böyük bloka bölmək olar: elektrik enerjisi istehsalının artırılması; yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların inşası, genişləndirilməsi, yenidən qurulması; paylayıcı infrastrukturun, o cümlədən paylayıcı xətlərin yeniləşdirilməsi və yenidən qurulması. Bunlardan birincisi uğurla həll olunur. Son illərdə inşa edilmiş, yenidən qurulmuş, təmir edilmiş və bu gün artıq inşası aparılan və yenidən qurulmaqda olan obyektlərin ümumi gücünün respublikanın bugünkü sosial-iqtisadi inkişafının gələcək tələbatını təmin edəcək səviyyədə olacağına, yəqin ki, heç kimin şübhəsi yoxdur. Bu obyektləri bir-bir sadalamaq və onların gücünü göstərmək istəmirəm. Yəqin ki, bu barədə məlumatınız da var, xəbəriniz də. Bununla paralel olaraq ikinci blok tədbirlər də ardıcıl şəkildə həll olunur. Diqqətinizə təqdim edilmiş layihə elə bu sıradandır.
Layihə çərçivəsində Azərbaycan İstilik-Elektrik Stansiyasından (Mingəçevirdən) İmişli yarımstansiyasına qədər 330 kilovoltluq elektrik xəttinin inşası nəzərdə tutulub. Bununla bərabər, Goranboyda 330 kilovoltluq paylayıcı qurğunun inşası və İmişlidəki mövcud 330 kilovoltluq yarımstansiyanın genişləndirilməsi nəzərdə tutulubdur. Layihənin həyata keçirilməsinin əsas məqsədlərindən biri cənub-qərb regionunun elektrik enerjisinə artan tələbatını daha səmərəli şəkildə təmin etməkdir.
Hörmətli deputatlar, xahiş edirəm, bir-birinizlə elə danışın ki, ya mənim qulağım səs eşitməsin, ya da mən hörmət edib ağzımı yumum.
Bəli, qeyd etdiyim kimi, məqsəd həm bu regionu, həm də respublikanın ən böyük elektrik enerjisi istehlakçısı olan Abşeron regionunu elektrik enerjisi ilə daha səmərəli, təhlükəsiz və etibarlı şəkildə təmin etməkdir. Belə ki, adi rejimdə ən böyük elektrik enerjisi istehlakçısı olan Abşeron regionunun enerji tələbatının çox hissəsi Azərbaycan İstilik Elektrik Stansiyasından 330 kilovoltluq “1-ci Abşeron” və 500 kilovoltluq “2-ci Abşeron” elektrik xətləri vasitəsi ilə təmin edilir. Bundan başqa, 50-ci illərdə tikilmiş Mingəçevir Su-Elektrik Stansiyasında 220 kilovoltluq iki xətt var. Hər hansı səbəblərdən bu xətlərdən biri açılanda ehtiyat tədbiri olaraq əlavə təchizat “Ağcabədi” və “İmişli” yarımstansiyalarından istiqamətləndirilir. Bu istiqamətdən əlavə elektrik enerjisi verilə bilir. Mövcud xətlərin, qurğuların keçiricilik qabiliyyəti məhdud olduğundan bu ehtiyat istiqamətindən məhdud şəkildə istifadə etmək olar. Bu səbəbdən də yeni xətt və bununla əlaqədar inşa ediləcək, genişləndiriləcək infrastruktur yuxarıda göstərilən hallarda Abşeron regionunun elektrik enerjisi ilə təminatını daha səmərəli, təhlükəsiz və etibarlı təşkil etmək imkanlarını qat-qat artırır.
Nəzərə alaq ki, Azərbaycan artıq beynəlxalq elektrik enerjisi mübadiləsi bazarının fəal iştirakçısına çevrilib. Misal üçün, Rusiya–Azərbaycan, İran–Azərbaycan, Azərbaycan–Gürcüstan mübadilələrini və idxal-ixracını göstərə bilərik. Azərbaycan gələcəkdə elektrik enerjisinin mübadiləsindən, ixracından daha çox bəhrələnə bilər. Yeni xətt və qurğular İran elektrik enerjisinin mübadiləsini və elektrik enerjisinin İrana ixracını daha geniş və əlverişli şəkildə təmin etmək imkanları yaradacaqdır. Bu layihə 3 böyük problemin həllinə yönəlmişdir. Beləliklə, yuxarıda sadalanan cəhətlərə görə layihənin əlverişli, səmərəli olduğuna, yəqin ki, heç bir şübhə olmamalıdır.
Layihənin ikinci hissəsinə – maliyyə-iqtisadi göstəricilərinə nəzər yetirsək, məlum olur ki, layihənin ümumi dəyəri 35 milyon avro civarındadır. Xarici valyuta ilə alınacaq avadanlıq, iş xidmətlərinin dəyəri 30 milyon avrodur. Bu məbləğ Almaniya İnkişaf Bankı – “KfW” tərəfindən müzakirənizə təqdim edilmiş sənədlər çərçivəsində kredit şəklində verilir. Qalan vəsaiti Azərbaycan tərəfi verməlidir.
Layihənin iqtisadi göstəricilərinə nəzər salsaq, onun maliyyə-iqtisadi cəhətdən çox səmərəli, əlverişli olduğunu görərik. Belə ki, layihə tamamlanıb işə buraxılandan sonra ancaq itkilərin və səmərəsiz xərclərin azalması nəticəsində birinci 6 il ərzində qənaət edilmiş vəsait aşağısı 90 milyon avro civarında olacaqdır. Daha önəmli bir göstərici odur ki, layihənin daxili mənfəət norması ən aşağı variantda illik 13 faiz olacaqdır. Layihənin daxili mənfəət norması orta hesabla illik faizdən 3 dəfə artıqdır. Bu da layihənin maliyyə cəhətdən çox səmərəli, əlverişli olduğunu göstərir. Fərz etsək ki, sonrakı illərdə euribor arta bilər, yenə də layihənin maliyyə-iqtisadi cəhətdən əlverişli olduğu şübhəsizdir.
Layihənin iqtisadi-maliyyə göstəriciləri haqqında danışanda biz beynəlxalq iqtisadi maliyyə dairələrində “multi” adlanan səmərəni nəzərə almalıyıq. Bu layihənin üstünlükləri yalnız sadaladıqlarım deyil, həm də layihənin icrası nəticəsində mövcud elektrik enerjisi istehlakçılarının davamlı və etibarlı təminatı nəticəsində əldə etdikləri məhsuldarlığın artımıdır, istehsalın genişləndirilməsidir, yeni-yeni müəssisələrin, iş yerlərinin açılmasıdır. Bunları nəzərə alsaq, layihənin maliyyə səmərəliliyi qat-qat artar.
Layihə həm alman, həm də bizim mütəxəssislər tərəfindən mükəmməl işlənib. Texniki məsələlər, layihənin idarə olunması, icraya nəzarət, podratçıların seçilməsi, hüquqi və maliyyə məsələləri və sair bu tip sənədlərə məxsus standartlaşdırılmış şəkildə və məzmunlu hazırlanıb. Üstəgəl layihənin önəmliliyini, səmərəli və əlverişli olduğunu göstərən izahat və təqdimatı da nəzərə alsaq, fikrimcə, vaxt alıb bu sənədləri hissə-hissə təhlil etməyə ehtiyac yoxdur.
Sənədlər, əslində, bura verilən kreditlərin vergilərdən və digər ödənişlərdən azad edilməsini təmin etmək üçün təqdim olunub. Ona görə də icazə versəniz, təqdim edilmiş sənədlər haqqında qısa məlumat verərdim. Birinci sənəd 2007-ci il iyun ayının 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişdir. Saziş tərəflər arasında maliyyə əməkdaşlığına dair aparılmış geniş danışıqların bir hissəsini əhatə edir. Kreditin verilməsi şərtləri, kreditin istifadəsi, bununla əlaqədar sifarişlərin yerləşdirilməsi qaydaları müvafiq ikitərəfli sənədlərdə öz əksini tapacaq. Əgər Azərbaycan Hökuməti özü birbaşa maliyyə qrantı alan tərəf deyilsə, onda Azərbaycan hökuməti kreditin geriyə qaytarılması üzrə mümkün iddialar üçün kredit bankına zəmanət verir. Azərbaycan Hökuməti KfW Bankını verilən kreditlərlə əlaqədar Azərbaycan Respublikasında tutulan bütün vergi və digər dövlət yığımlarından azad edir. Bu təbiidir və hər halda bu tipli sərfəli şərtlərlə verilən maliyyə yardımları üçün bu qayda hər yerdə tətbiq edilir. Layihədə yük və sərnişin daşımaları üçün bərabərhüquqlu şəraitin yaradılması razılaşdırılıbdır.
Bu sazişin davamı olaraq “KfW” Bankı ilə Maliyyə Nazirliyi timsalında Azərbaycan Respublikası və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (layihənin icraçısı) arasında 30 milyon avro məbləğində kreditin verilməsi və layihənin həyata keçirilməsinə dair Müqavilə və bu müqavilə üzrə Xüsusi Razılaşma imzalanıbdır. Adı çəkilən müqavilə verilən kreditin istifadəsi, layihənin icrası ilə kreditin geri qaytarılmasını və bunlarla əlaqədar məsələləri əhatə edir, tərəflərin münasibətlərini tənzimləyir.
Müqavilə ilə verilən kreditin məbləği 30 milyon avroya qədər müəyyənləşdirilir və təyinat məqsədi göstərilir. Yəni layihənin geniş şəkildə tərifi verilmiş icraçısı təyin edilir. Kredit Maliyyə Nazirliyinə verilir. Nazirlik tərəfindən kredit layihənin icraçısına müqavilənin 4.1, 4.2, 4.3, 4.5, 5.1, 5.2, 5 və 8.4-cü maddələrində göstərilmiş şərtlərlə verilir. 3-cü maddədə göstərildiyi kimi, kredit vəsaiti bank tərəfindən ancaq 11-ci maddədə göstərilmiş bütün əsaslar təmin edildikdən sonra ayrılır.
Layihənin icraçısı “Azərenerji” ilə “KfW” arasında Xüsusi Razılaşma da imzalanıb və bu razılaşma çərçivəsində ödənişlərin həyata keçirilməsi, o cümlədən kredit vəsaitlərinin təyinatına görə istifadəsi və bununla əlaqədar müvafiq hesabatların hazırlanması, yoxlanılması qaydaları müəyyənləşdirilmişdir. Kredit vəsaitlərinin ödənilməsi müqavilənin qoşmasında verilmiş cədvəldə göstərilmişdir. Kreditin verilməsi hər yarımillik üçün təsdiq edilmiş məbləğ daxilində həyata keçirilir. Hər hansı bir yarımillikdə istifadə edilməmiş vəsait sonrakı yarımillikdə istifadə oluna bilər. Kredit vəsaitləri 2009-cu il 31 dekabr tarixinədək istifadə edilməlidir.
Təqdim edilmiş saziş, müqavilə, xüsusi razılaşma qüvvəyə minəndən sonra borcalan kreditdən imtina edərsə və ya kredit vəsaiti bankdan asılı olmayan səbəblərdən ödənilməzsə, bu halda borcalan bankın tələbi ilə müvafiq vəsaitin istifadə edilməməsinə görə onun məruz qaldığı itkilərin, ziyan və xərclərin müqabilində banka kompensasiya ödəməli olacaq.
Müqavilədə, sözsüz ki, kreditin verilməsi üzrə komissiya haqları və faizlərə dair xüsusi maddə var. 4-cü maddədə göstərilən komissiya haqları və qaytarılma faizləri standart faizlərə uyğun olduğuna görə bunları xırdalamağa ehtiyac duymuram.
Ancaq bir önəmli məqamı nəzərinizə çatdırmaq istəyirəm. Borcalan kreditlə əlaqədar faizləri dəyişən illik faiz dərəcəsi ilə ödəyir. Dəyişən faiz dərəcəsi Avropa banklararası faiz dərəcəsinə uyğun təyin edilir. Bu da Reuters və Bloomberq səhifələrində faiz dövrünün başlanğıcından bir bank günü əvvəl Brüssel vaxtı ilə saat 11-də Avropa İttifaqının Bank Assosiasiyasının Avropa banklararası bazarında müddətli depozitlər üçün müvafiq faiz dövrünə uyğun olan müddətə avro ilə ifadə edilən euribor faiz dərəcəsi kimi müəyyən olunmuş illik faiz dərəcəsidir. Önəmli məqam ondan ibarətdir ki, kredit vəsaitlərinin verilməsinin son tarixindən, yəni 2009-cu il 31 dekabr tarixindən etibarən borcalan razılaşdırılmış tənzimləyici müddəalara uyğun olaraq kreditin geri qaytarılmamış məbləği üçün sabit faiz dərəcəsinin tətbiq edilməsini tələb edə bilər. Yəni Azərbaycan tərəfi özünü uzun vədəli bazar sıçrayışlarından qorumaq üçün bu tələbi irəli sürə bilər və bu faiz dərəcəsi tətbiq oluna bilər.
Müqavilədə həmçinin kreditin geri qaytarılması və borcalanın istəyi ilə vaxtından əvvəl qaytarılması proseduru göstərilib.
Müqavilədə layihə və layihənin icraçısına dair müvafiq maddə və müddəalar öz əksini tapıb. Müqavilənin 7.1-ci maddəsində layihənin icraçısının əsas öhdəlikləri geniş şəkildə açıqlanıb. Layihə icraçısı bank ilə razılaşdırılmış layihə konsepsiyasına, maliyyə və texniki prinsiplərə riayət edərək layihəni hazırlamalı, həyata keçirməli, istismar və təmin etməlidir. O, layihənin hazırlanması və tikinti üzərində nəzarəti yüksək ixtisaslı mühəndis-məsləhətçilərə, layihənin icrasını isə yüksək ixtisaslı şirkətlərə həvalə etməli və bununla əlaqədar beynəlxalq açıq tenderin nəticələri əsasında müqavilələr bağlamalıdır. Layihənin icraçısı bankın səlahiyyətli şəxslərinə layihənin həyata keçirilməsi və istismarı üçün əhəmiyyət kəsb edən mühasibat kitablarını, hesabatları, digər sənədləri təqdim etməli, bütün obyektlərin və işlərin yoxlanılması üçün hər bir şərait yaratmalıdır. Bu maddədə göstərilən müddəalar geniş şəkildə layihənin icraçısı və bank arasında bağlanmış xüsusi razılaşmada əksini tapmışdır. Xüsusi razılaşmanın müddəalarına dair qaydalar isə müvafiq qoşmalarda çox geniş şəkildə göstərilmişdir. Ehtiyac duyursunuzsa, bu qoşmalarda, xüsusi razılaşmada geniş şəkildə əks etdirilən nəzarətlər, yoxlamalar, öhdəliklər və sair şərh edilə bilər. Yox, ehtiyac duymursunuzsa, onda sizdən bu sənədlərə səs verib qəbul etməyi tövsiyə edərdim. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Valeh müəllim, çox sağ olun. İki deputatımız bu məsələ ilə bağlı fikir bildirmək istəyir. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk növbədə, redaktə xarakterli iki iradım var. Başlıqda yazırsınız ki, AzDRES – İmişli elektrik veriliş xətti. Azərbaycanda DRES yoxdur, Sizin dediyiniz kimi, Azərbaycan İstilik-Elektrik Stansiyası var. Müəyyən müddət bundan əvvəl bu stansiyanın adı dəyişdirilib − DRES İES olub.
İkincisi, “elektrik veriliş xətti” yox, “elektrik ötürücü xətti” anlayışı var. Biz bunu belə eşitmişik, ona görə bu iradların nəzərə alınmasını xahiş edərdim.
Hər iki məsələnin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamaq istəyirəm. Bəzən biz bu tip məsələlərə təkliflə yanaşaraq onu hökumətin öhdəsinə buraxırıq. Amma bunun mahiyyətini izah etməyə böyük ehtiyac var. İqtisadiyyatın əsasını elektrik enerjisinin istehsalı təşkil edir. Elektrik stansiyaları isə daim istismarda olduğuna görə böyük maliyyə xərcləri tələb edir. Avadanlıq və xidmət kifayət qədər bahadır. Azərbaycanda energetika sahəsinin inkişafında Heydər Əliyevin böyük əməyi olmuşdur. Onun sayəsində Azərbaycan DRES, Şamxor İES və digər elektrik stansiyaları tikildi. Hazırda onların bir çoxunun yenidən təmirə ehtiyacı var.
Digər tərəfdən, texnika və texnologiya daim inkişaf edir, dəyişir. Artıq onların təmirinə yox, tamamilə yeni texnologiya əsasında qurulmuş yeni stansiyaların tikintisinə böyük ehtiyac var. Son dövrlərdə Prezidentimiz cənab İlham Əliyevin birbaşa qayğısı sayəsində böyük işlər görülür. Bilirsiniz ki, artıq dilimizə “modul elektrik stansiyaları” kimi anlayışlar gəlib. Həcmcə kiçik olsalar da, həm yanacaq vahidinin istifadə edilməsinə, həm də texniki heyətin və itkilərin azlığına görə bunlar öncül stansiyalardan sayıla bilər.
Digər tərəfdən, məndə olan informasiyaya görə, Azərbaycanda həm blokların gücünə, həm də texniki imkanlarına görə keçmiş postsovet məkanında olmayan elektrik stansiyalarının tikintisi başlayır. Bütün bunların hamısı sevindiricidir. Mən, sadəcə, bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Son dövrdə görülən işlər Azərbaycanda elektrik stansiyalarının yenidən tikilməsinə və elektrik enerjisi istehsalının artmasına gətirib çıxarır.
Mən özüm 10 il Mingəçevirdə Azərbaycan Dövlət Elektrik Stansiyasında işləmişəm, ona görə texniki xarakteristikanı yaxşı bilirəm. Mənim diqqətimi bir şey cəlb elədi. Büdcə müzakirə olunan zaman heç bir deputat öz regionunda, yaxud seçki dairəsində elektrik enerjisinin təchizatında problemin olduğu barədə fikir səsləndirmədi. Bu onu göstərir ki, bu istiqamətdə görülən ciddi işlər sayəsində müsbət nəticələr əldə edilmişdir. Mən hər iki məsələnin qəbul edilməsinin tərəfdarıyam. Hesab edirəm ki, belə müqaviləyə razılıq vermək lazımdır. Düzdür, bu gün daxili imkanlarımız hesabına da bu işləri görə bilərik, ancaq bir halda ki beynəlxalq kredit təşkilatları, ayrı-ayrı banklar Azərbaycana aşağı faizlə uzunmüddətli kredit verirlər, ondan istifadə etməmək böyük bir səhv olardı. Bu istiqamətdə aparılan iqtisadi siyasət kifayət qədər düzgündür. Eyni zamanda, kredit layihələri Azərbaycana Avropanın tanınmış firmalarının texnologiyasının gətirilməsinə, Azərbaycanın iqtisadiyyatı üçün texniki layihələrin maliyyələşməsinə diqqətin artmasına gətirib çıxaracaqdır. Mən hər iki layihəyə səs verəcəyəm, diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu gün müzakirəyə çıxarılan bu sənəd ilk baxışda tipik bir müqavilə layihəsidir. Məqsəd var və bu məqsəd üçün 30 milyon avro ayrılır. Ancaq bu müqavilə ilə bağlı bir sıra məqamlar var ki, onları nəzərinizə çatdırmaq istərdim. Nəzərə alsaq ki, dövlət büdcəsindən də enerji veriliş xətlərinin çəkilməsinə kifayət qədər vəsait ayrılır, o halda kreditin hansı məqsəd üçün alınması bir çox suallar doğurur. Şəxsən mənim üçün aydın deyil ki, biz ölkənin sərvətlərinin bu qədər artdığı bir dövrdə hətta ucuz kredit olsa belə, niyə onun alınmasına maraqlıyıq?
Nəzərə almalıyıq ki, 2008-ci ildə borcların ödənilməsi üçün dövlət büdcəsindən 192 milyon manat ayrılıb. İndiki şəraitdə, yəni böyük neft gəlirlərinin olduğu bir dövrdə bu vəsait o qədər də böyük görünmür. Lakin borcların faizlərini ümumi daxili məhsula görə hesablasaq, ayrılan vəsaitin kifayət qədər böyük olduğunu təsdiq edə bilərik. Bu qədər vəsaitin ayrılması onu göstərir ki, artıq Azərbaycan böyük borcların qaytarılması mərhələsindədir. Belə olan halda bu tikinti üçün vəsaiti nə üçün xaricdən cəlb etməliyik? Məgər Azərbaycan bu işləri öz vəsaiti hesabına görə bilməzmi?
Digər tərəfdən, məlumdur ki, Azərbaycan üçün investisiyaya yönələn vəsaitlərin inflyasiya yaratma riski çox böyükdür. Digər sahələrdə olduğu kimi, enerji sektoruna da kifayət qədər vəsait ayrılırsa, belə kreditlərin alınması inflyasiya riskini artırmırmı?
İkinci məsələ. Azərbaycanda böyük neft gəlirlərinin olduğu bütün dövlətlərə məlumdur. Artıq Dünya Bankı Azərbaycana güzəştlə kredit verməyə maraq göstərmir, kommersiya prinsiplərini irəli sürür. Belə olan halda Almaniyanın bizə güzəştli kredit verməyə razılaşmasının əsasında nə dayanır, burada məqsəd nədir? İstərdim ki, bu suala cavab alım.
Toxunmaq istədiyim başqa bir məsələ, ümumiyyətlə, enerji sektoruna ayrılan vəsaitlə bağlıdır. Son 10 ildə Azərbaycanın ən çox kredit aldığı sahə məhz energetika sektoru olmuşdur. Maliyyə Nazirliyinin saytındakı bəzi rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. Həmin rəqəmlərdən məlum olur ki, oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanın kreditlər formasında borcu 2 milyard 272 milyon dollardır. Həmin saytdan bu da aydın olur ki, bu vəsaitin 34,2 faizi, yəni 778 milyon dolları elektrik enerjisi sektorunun payına düşür. Bəs ayrılan bu qədər vəsait hesabına enerji sektorunda hansı dəyişikliklər baş vermişdir?
Hətta 9 aylığın yekunları ilə bağlı dövlət başçısının yanında keçirilən müşavirədə “Azərenerji”nin rəhbərliyi də etiraf etdi ki, bizdə 1 kilovat enerji istehsalına sərf olunan şərti yanacağın miqdarı 2001-ci ildə 415 qram olduğu halda, 2007-ci ildə 385 qram olmuşdur. Müqayisə üçün deyim ki, dünya üzrə bu sahədə orta norma 250-260 qramdır. Hesab edirəm ki, bu müqayisə enerji sektorundakı itkiləri ortaya qoymaqla bu sahəyə ayrılan vəsaitlərin nə dərəcədə səmərəli xərclənməsi haqqında aydın təsəvvür yaradır. Doğrudan da, ölkədə son 1 il müddətində enerjinin verilməsində ciddi dəyişiklik yaranmayıbsa, enerji itkilərinin qarşısı alınmayıbsa, o halda kredit formasında alınan bu qədər vəsait hara xərclənib? Bu baxımdan şəxsən məni kreditin alınmasından daha çox onun nə dərəcədə səmərəli istifadə edilməsi və layihənin özünün iqtisadi cəhətdən nə dərəcədə əsaslandırılmış olması məsələsi düşündürür. Lakin biz bu sənəddə görüləcək işlərin layihəsini görmürük. Hesab edirəm, görüləcək işlərin layihəsi də bu müqaviləyə əlavə edilməli idi ki, onun mahiyyətini tam aça bilsin. Başqa sözlə, mənfəətçi şirkətlər haqqında daha ətraflı məlumatlar, mal və materialların necə və haradan alınması məsələsi, görüləcək işlərin texniki-iqtisadi cəhətdən əsaslandırılmasına dair layihə də bu müqaviləyə əlavə edilsə idi, müzakirə zamanı deputatlar üçün daha aydın təsəvvür yaranardı. Təəssüf ki, təqdim olunan layihədə bütün bu məsələlər qaranlıq qalır, görüləcək işlərin həcmi, real məsrəfləndirmə öz əksini tapmır. Layihə tamamilə vəsaitin verilməsi və qaytarılması prosedurlarını əhatə edir.
Belə kredit layihələri qəbul ediləndə ən çox narahatlıq doğuran məsələlərdən biri də kreditə alınan vəsaitlərin xərclənməsinə nəzarət məsələsidir. Almaniyanın krediti ilə İmişlidə bir layihə həyata keçirilir. Əslində, bu layihə rayon üçün çox vacibdir, çünki rayondakı bütün elektrik xətləri, elektrik dirəkləri 50-60-cı illərdə qurulub. Onlar istismar müddətini çoxdan başa vurduğundan əhaliyə enerjinin verilməsində ciddi çətinliklər yaranırdı. Ancaq təəssüflər olsun ki, işin icrasına heç bir nəzarət olmadığından böyük xərclər hesabına başa gələn bu layihə bərbad vəziyyətdə həyata keçirilir.
Gözlə görünən iki faktı deyəcəyəm. Təsəvvür etməzdim ki, rayonda yeni çəkilən ağır elektrik kabelləri elektrik dirəklərinə deyil, yolka ağaclarına bağlanacaq. Bəlkə də “Azərenerji”nin nümayəndələri bunu təkzib etməyə çalışacaqlar, amma belə bir fakt olub, məhz yerli əhalinin ciddi müqavimətindən sonra onları ağaclardan açmaq mümkün olmuşdur. Ancaq ağacdan açılan bu kabellər yeni elektrik dirəklərinə deyil, bir qədər əvvəl qeyd etdiyim kimi, istismar müddətini başa vurmuş, çürümüş elektrik dirəklərinə bağlanmışdır. Başqa bir misal. Əgər bir küçədə olan 20 dirəkdən yalnız 3-ü dəyişdirilirsə, orada hansı keyfiyyətdən danışmaq olar?
Mən Goranboy – İmişli arasında enerji verilişi xəttinin, Goranboy rayonunda paylayıcı qurğunun tikilməsinin və İmişlidə 330 kilovoltluq yarımstansiyanın genişləndirilməsinin tam tərəfdarıyam. Ancaq Azərbaycanın bugünkü vəziyyəti belə layihələri öz vəsaiti hesabına maliyyələşdirməyə imkan verdiyindən, hətta uyğun olsa da belə, kreditlərə getməməliyik. Ölkənin enerji sektorunun yenidən qurulması üçün öz vəsaitimizdən istifadə etməli və eyni zamanda, ayrılan dövlət vəsaitinin xərclənməsinə nəzarəti gücləndirməliyik. Çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Çalışacağam ki, bir qədər qısa danışım, çünki məndən əvvəl danışan hörmətli İltizam Əkbərli bu məsələnin hamımızı narahat eləyən hissəsinə toxundu. Bu, korrupsiya məsələsidir. Bu gün hamını kreditlərdən, dövlət vəsaitindən istifadə məsələsi narahat eləyir. Ona görə narahat edir ki, – hörmətli həmkarımız Aydın müəllim də buna toxundu, – bu cür böyük vəsaitin xərclənməsinə və işlərin görülməsinə baxmayaraq, həmin İmişli xəttinin üzərində yerləşən Sabirabad rayonunun ərazisində nəinki enerji təminatı problemi həll olunub, əksinə, o məsələlərdə bir sıra geriləmələr baş verib. Sabirabad kənd təsərrüfatı rayonudur, əhali çoxdan işıqsız qalmağa, qaranlıqda işləməyə öyrənib. Bu hələ bir yana, hər gün Bakının mərkəzində Binəqədi rayonunda 4 saat işıq söndürülür. Keçən il Bakıda belə bir məhdudlaşdırma tətbiq olunmurdu. Bizi narahat eləyən budur.
Hörmətli Valeh müəllim həmişə kredit məsələlərinə özünəməxsus tərzdə lakonik izahat verir, deyir ki, biz belə sərfəli krediti niyə götürməyək? Hər halda mən istərdim, bir məsələ aydınlaşdırılsın. Büdcənin müzakirəsi zamanı bildirildi ki, bu gün Azərbaycandakı problemlərdən biri ölkəyə külli miqdarda daxil olan valyutanın xərclənməsi məsələsidir. Yəni Azərbaycan külli miqdarda daxil olan həmin neft gəlirləri ilə boğulur. Belə bir şəraitdə bu cür kreditlərə əl atılması nə ilə əlaqədardır? Yığılan vəsait 4,3 euriborla qeyd olundu, əlavə faizlərin də olması gözlənilir. Bundan xeyli dərəcədə az gəlir gətirdiyi halda belə bir risksiz layihəyə nə üçün Dövlət Neft Fondunun vəsaitləri sərf olunmur? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rüfət Quliyev.
R. Quliyev. Hörmətli sədarət, hörmətli həmkarlar! Mən hörmətli həmkarım İltizam müəllimin suallarını cavablandırmaq istəyirəm. Bu, kreditlə əlaqədardır. İlk növbədə, mənə elə gəlir, əgər Azərbaycana kredit verilirsə, bu o deməkdir ki, Azərbaycanın imici, statusu çox yüksək tutulur. Bir şey də qeyd etmək istəyirəm. Bütün dünyada artıq belə göstəricilər var, inkişaf eləmiş ölkələr kredit də verir, kredit də götürür. İqtisadi göstəricilərə baxsaq, Fransa, Çin kimi dövlətlərdə də həmin prosesi görərik. Onlar dünya iqtisadiyyatında həm kredit götürməkdə, həm də kredit verməkdə birinci yerdədirlər. Mənə elə gəlir ki, əgər bir hökumət güzəştli şərtlərlə Azərbaycana kredit ayırırsa, bu yaxşı haldır.
İkincisi, bir şeyi də nəzərə almaq lazımdır ki, kredit götürməyin və kredit verməyin özü texnologiya deməkdir. Bu, inkişafın bir mərhələsidir. Biz təkcə kredit almırıq, həm də onlardan texnologiya alırıq. Onlar bizə kredit ayırırlar və sonra ona nəzarət edirlər, yoxlayırlar. Yəni bu, birdəfəlik verilmir. Mənə elə gəlir ki, bu, yaxşı haldır və bizim dövlətimizə böyük bir etimaddır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Vahid müəllim, buyurun.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, ümumiyyətlə, son illərdə istər Azərbaycanın dövlət büdcəsi, istərsə də xarici dövlətlər vasitəsi ilə Azərbaycanda iri layihələr həyata keçirilir, yəni kreditlər ayrılır, sərmayələr qoyulur. Azərbaycanda elektrik enerjisini təmin etmək üçün də bir sıra iri layihələr həyata keçirilir. Xüsusilə 2003-cü ildən bu yana İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra deyərdim ki, iri infrastruktur layihələr həyata keçirilir. Biz modul stansiyaların tikilməsi, rayon elektrik stansiyalarının digər dövlətlər tərəfindən təmiri kimi iri layihələrin həyata keçirilməsinin şahidiyik. Amma bütün bunlara baxmayaraq, bu günə qədər Azərbaycanın rayonlarını 24 saat elektrik enerjisi ilə təmin edə bilmirik. Bunun səbəbi nədir? Nəyə görə biz bu gün məcburuq ki, istər Azərbaycanın rayonlarında, istərsə də Bakı şəhərində müəyyən məhdudiyyətlərə imkan yaradaq?
Məsələn, bu yaxınlarda Nərimanov rayonunda bir transformator dəyişilir, 6-8 saat rayona elektrik enerjisi verilmir. Bildiyimizə görə, həmin rayonun elektrik enerjisi ilə təmin edilməsi üçün digər ehtiyat variantlar olmalıdır. Bunlardan istifadə olunmalıdır.
Belə çıxır ki, biz hələ 1988-ci il səviyyəsinə çatmamışıq. Həmin vaxtlarda faktiki olaraq Azərbaycanın 7 rayonu da işğal olunmamışdı, zavod və fabriklərin əksəriyyəti də işləyirdi, amma demək olar ki, bütün rayon və kəndlər 24 saat elektrik enerjisi ilə təmin edilirdi. Bugünkü iclasda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov da iştirak edir. Uzun müddət bu sahədə çalışıb. Mən, ümumiyyətlə, bilmək istəyirəm ki, bunun səbəbi nədir? Nəyə görə biz bu qədər sərmayə qoyuruq, amma rayonlarda elektrik enerjisi ilə əlaqədar vəziyyət get-gedə daha da kəskinləşir?
Mən dünən Qubada, Xaçmazda olmuşam. Eyni vəziyyət təkrar olunur. Bir də görürsən ki, 10-12 saat məhdudiyyətlər olur. Yəni doğrudanmı, Azərbaycan elektrik enerjisi ilə özünü təmin edə bilmir? Gücü çatmır, yoxsa bunun səbəbi başqadır? Bir vaxtlar bunun səbəbini “Barmek”də görürdülər. İndi Sumqayıt Elektrik Şəbəkəsi yaradılıb. Onlar “Azərenerji”dən elektrik enerjisini lazımi səviyyədə götürmürlər, çünki pulu yığa bilmirlər. Bunun səbəbi nədir? Mən yenə deyirəm, əgər Azərbaycan hökuməti gərəkli səviyyədə elektrik enerjisi istehsal edirsə, lazımdır ki, camaat onu alsın. Şikayət olmasın, mən bunun səbəbini Marlen müəllimdən öyrənmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Sizin sualınıza, yəqin, Marlen müəllim cavab verəcək, amma mən istərdim, ilk öncə Valeh müəllim burada qaldırılan məsələlərə münasibətini bildirsin.
V. Ələsgərov. Aydın müəllimin qaldırdığı məsələyə cavab verirəm. Önəmli deyil, mən “İES” deyim, Siz “DRES” deyin. Kim nə istəyir, desin. Əsas odur ki, elektrik enerjisi istehsal olunsun. Bildiyiniz kimi, bu sahəyə Avropa İnkişaf və Yenidənqurma Bankı ilə imzalanmış saziş çərçivəsində birinci kredit və indi isə yeni sazişə görə ikinci kredit ayrılır. Orada böyük işlər görülür və stansiyanın gücü aşağısı 500 meqavat və bəlkə də 700 meqavat artacaq. Üzr istəyirəm, gələcəkdə nəzərə alarlar, yanlarında dilçiləri oturdarlar.
İltizam müəllimin dedikləri məni bir az kədərləndirir. Ona çox böyük hörmətim var, bir az da yerliliyim çatır. Mən də İmişli rayonunda bir il işləmişəm və həmişə o rayona başı uca girə də bilərəm, çıxa da. Bir kəs Valeh Ələsgərovun ünvanına xoşagəlməz söz deyə bilməz. İltizam müəllim, yəqin ki, bunu bilirsiniz.
Soruşuldu ki, öz vəsaitimizin olduğu zamanda niyə kredit götürürük? Birincisi, Almaniya ilə Azərbaycan hökumətləri arasında anlaşmalar, maliyyə əməkdaşlığı haqqında danışıqlar birinci il deyil, illər boyu gedir. Bu münasibətləri davam etdirmək, mənim fikrimcə, çox önəmlidir. Vaxt olar ki, kreditlər lazım ola bilər. Əməkdaşlıq dayanarsa, bu, mümkün olmayacaqdır. Ona görə də tənzimlənmiş, rahat, abad yolla gedən münasibətlərimizi davam etdirmək lazımdır.
İkincisi, Pənah bəyin xoşuna gəlməsə də, mən bu sahənin mütəxəssisi olduğuma görə harada desəniz, bunu geniş və açıq şəkildə isbat etməyə hazıram. Sərfəli şərtlərlə kredit almağa imkanınız varsa, alın. 1 trilyondan artıq valyuta ehtiyatları olan Çin kimi dövlətə kənardan ildə 50–54 milyard dollar vəsait gəlir. Bu gün dünyada qoyulan sərmayələr 1 trilyondan artıqdır. Sərmayələrin 75–80 faizi dünyanın ən inkişaf etmiş 24 ölkəsinə qoyulur. Amma əksinə olmalıdır, bu, kasıb, inkişaf etməmiş ölkələrə qoyulmalıdır, amma ora gedir. Onlar da imkan olduqca kreditdən istifadə edirlər. Bir də ki, sərfəli şərtlərlə verilən kredit olsun. Ona görə də İltizam müəllim, çox üzr istəyirəm, bu iradınızı qəbul etmirəm və onu emosional bir irad kimi dəyərləndirirəm. Bir də, belə ciddi məsələlər kimisə narahat edibsə, nə zaman gəlib müzakirə etmək istəyibsə, mən “yox” demişəm? Bunların hamısını araşdırmaq da olar, aydınlaşdırmaq da. Mən inanıram ki, onda bu suallar ortaya çıxmazdı.
Pənah bəy, “kreditlərlə bağlı korrupsiya hallarına yol verilir” fikrinizi qəbul edə bilmərəm. Birincisi, bu sazişdə göstərilən mütləq şərtlər korrupsiyaya heç bir imkan vermir, çünki vəsaitlər bank tərəfindən müvafiq cədvələ uyğun olaraq verilir. Seçilmiş beynəlxalq məsləhətçinin vizası olmadan heç bir müqavilə imzalanmır. Vizası olsa belə, bank yoxlamasa, heç bir müqavilə imzalana bilməz. Müqavilə tərəflərinin seçilməsi qaydaları burada çox geniş şəkildə göstərilib. Ona görə də korrupsiya üçün heç bir imkan yoxdur. Ola bilər ki, kimsə iki dənə taxtanı qayınanasıgilə versin, ancaq pul oğurlamağa imkan verilmir.
Deyirsiniz ki, Azərbaycan neft gəlirlərindən boğulduğu halda niyə kredit alır? Azərbaycan boğulmayıb və boğulmayacaq. Mənim fikrimcə, krediti almaq və öz vəsaitlərimizi uzun vədəli maliyyə təsisatlarına yerləşdirmək daha ağıllı, daha səmərəli, daha əlverişli olardı.
Vahid müəllimin suallarına cavab vermək istəyirəm. Birinci sual bu idi ki, məhdudiyyətlər nə ilə əlaqədardır? Mən də araşdırmalar aparmışam, danışmışam, görüşmüşəm. Yəqin, “Azərenerji” vaxtaşırı qəzetlərdə, radio və televiziyada geniş məlumat versə idi, ya da biz bu məlumatları diqqətlə dinləsəydik, doğrudan da, görərdik ki, Bakıda da, regionlarda da bu sahədə böyük işlər gedir və bununla əlaqədar məhdudiyyətlər var.
Bundan başqa, ikinci məhdudiyyət də onunla bağlıdır ki, çalışırlar, ödənişə uyğun olaraq elektrik enerjisi versinlər. Misal gətirmək istəmirəm, Pənah bəy məndən inciyər. 20 faiz ödəniş, 60 faiz təminat. Kim şikayət edə bilər? 20 faiz ödəniş olan yerdə 24 saat təminat olarmı? Yox. Mən belə hesab edirəm ki, günahdır. “Azərenerji”nin ən böyük günahı ondan ibarətdir ki, pulunu verməyənin işığını həmin dəqiqə kəsmir. Pulunu ver, enerjini al, ya da enerjidən puluna uyğun olaraq istifadə et. Səhər saat 6-da maşına minin, Bakı şəhərini gəzin. Onda görəcəksiniz ki, nə qədər elektrik enerjisi boş-boşuna sərf olunur. Buna diqqət yetirmək və bu sahədə iş aparmaq lazımdır. Mənim fikrimcə, bu sazişləri qəbul etmək, dəstəkləmək və uğurlar arzulamaq lazımdır. Xahiş edirəm, bu sənədləri səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Marlen müəllim, Siz nə isə əlavə etmək istəyirdiniz? Sual oldu burada.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Onda xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (AzDRES − İmişli elektrik veriliş xəttinin tikintisi, 2005-ci il üzrə xüsusi öhdəlik) təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Valeh müəllim hər iki məsələ haqqında məlumat verdi, amma səsverməni ayrı-ayrı aparırıq. Xahiş edirəm, “KfW”, Frankfurt-Mayn ilə Maliyyə Nazirliyi timsalında Azərbaycan Respublikası (Borcalan) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (Layihənin icraçısı) arasında 30.000.000 avro məbləğində kreditin verilməsi və layihənin həyata keçirilməsinə dair” Müqavilənin və bu Müqavilə üzrə Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 3
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Gündəliyin növbəti məsələsi “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanuna kiçik texniki dəyişiklik edilmişdir. Beynəlxalq Konvensiyanın tələblərinə görə bir yeganə milli komitə mövcud olmalıdır. Bizim qanunda nəzərdə tutulur ki, cəmiyyət Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir. Mövcud variantda “regional mərkəzləri, ərazi və sahə komitələri” ifadəsi işlənmişdi. Bu, Konvensiyanın tələbinə ziddir. Təklif olunur ki, Naxçıvan Muxtar Respublikasında komitə olsun, digər “komitələri” sözü “bölmələri” sözü ilə əvəz olunsun. Mənə elə gəlir ki, bu düzəliş həmkarlarımız tərəfindən dəstəklənməlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa bir təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.03 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 83
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədədir. Elton Məmmədov, buyurun.
E. Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirəmizə “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdim edilib. Qüvvədə olan birinci qanunun 4-cü və 5-ci maddələrinin hərəsinə yeni bir bənd əlavə edilir. Bu qanunun 4-cü maddəsi ekoloji təhlükəsizlik sahəsində dövlətin siyasətini müəyyən edən müddəadır. Baxılan bu sahə ilə bağlı dövlətin siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən məsələlər sırasına “vibrasiya və səs-küy çirklənməsi”ni ehtiva edən aşağıdakı məzmunda müddəanın salınması təklif olunur: “1.7. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması”. Buna müvafiq olaraq həmin qanunun “Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri” adlanan 5-ci maddəsinin bu sahə ilə bağlı dövlətin vəzifələrini müəyyən edən müddəaları sırasına aşağıdakı məzmunda bənd əlavə olunur: “2.6. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən edilməsi”.
“Ekoloji təhlükəsizlik haqqında” Qanuna edilən əlavələr dövlətin bu sahəyə dair siyasətini əks etdirir, ona dövlət nəzarətini gücləndirmək, ətraf mühitin və insan sağlamlığının mühafizəsi tədbirlərini konkretləşdirmək, inzibati işləri gücləndirmək məqsədi daşıyır. Qanun layihəsinin ikinci hissəsindəki İnzibati Xətalar Məcəlləsinə edilən əlavələr və dəyişikliklər həmin qanunvericilikdə öz əksini tapan bu məsələlərin daha dəqiq icrasını təmin edəcəkdir. Qanun layihəsi komissiyamızda müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Ona görə də hörmətli həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur? Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.06 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 86
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında. Azər Əmiraslanov, buyurun.
A. Əmiraslanov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin müzakirəsinə təqdim edilmiş qanun layihəsi “Sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsini nəzərdə tutur. “Sığorta haqqında” Qanunun preambulasında “sosial sığorta” sözlərindən sonra “o cümlədən icbari tibbi sığorta” sözləri əlavə edilir. Bu dəyişikliyə görə sosial sığortaya görə sosial sığorta ilə yanaşı icbari tibbi sığorta da “Sığorta haqqında” Qanunun predmeti hesab edilmir. Yəni sığorta qanunvericiliyi yalnız ənənəvi sığorta fəaliyyətini tənzimləyir və sosial sığorta, o cümlədən sosial sığortanın tərkib hissəsi olan icbari tibbi sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.
“Tibbi sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər isə könüllü və icbari tibbi sığorta arasında sərhədlərin, prinsipial əhəmiyyət kəsb edən əsas anlayışların, fəaliyyət prosedurlarının dəqiqləşdirilməsi məqsədi ilə təklif edilir. Sosial siyasət daimi komissiyasında da bu məsələ müzakirə olunubdur. Hesab edirik ki, komissiya aidiyyəti problem üzrə fikirlərini bildirəcək. Bu dəyişikliklər, əslində, “Tibbi sığorta haqqında” Qanunun reallaşmasına şərait yaradacaq. Hörmətli deputatlardan təqdim edilmiş sənədə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər Sosial siyasət daimi komissiyası adından Musa müəllimin əlavəsi yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bilirsiniz ki, “Dövlət qulluğu haqqında” Qanun qəbul olunub və qüvvədədir. Çox mütərəqqi bir haldır ki, cənab Prezident tərəfindən dövlət qulluğu məsələlərini tənzimləyən komissiya yaradılıb. Artıq bütün dövlət orqanlarına qəbul dövlət qulluğunda bizim müəyyənləşdirdiyimiz prinsiplər əsasında, test üsulu ilə, şifahi müsahibə üsulu ilə həyata keçirilir. Burada inzibati vəzifələrin tutulması ilə bağlı müddəaya bir neçə əlavə və dəyişiklik edilibdir. Daha doğrusu, inzibati vəzifələrin tutulması bəndi yeni redaksiyada verilibdir. Bu, ilk növbədə, baş verən təkrarçılığın qarşısının alınması məqsədini daşıyır.
İnzibati vəzifə tutulması deyəndə, artıq testi verib dövlət qulluqçusu olan şəxsdən söhbət gedir. Ona görə yenidən bir də həmin mövcud testin təkrar keçirilməsi zərurəti qalmır. Burada çox müsbət bir məsələ ondan ibarətdir ki, müsahibə keçirilir və onu dövlət orqanının özü təkbaşına aparmır. Yenə də komissiya yaradılır və cənab Prezidentin yanında yaradılmış Dövlət qulluğu məsələləri komissiyasından nümayəndənin də orada iştirakı məcburi sayılır. Elə bilirəm ki, bu düzəliş bizim dövlət qulluğu sahəsində həyata keçirdiyimiz islahatlara rəvac verən bir məsələdir. Həmkarlarımdan bu məsələyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, səs verək.
Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. “Normativ hüquqi aktlar haqqında” Qanun normativ hüquqi aktların qüvvəyə minməsi ilə bağlı müddəaları özündə əks etdirir. Qanun mövcuddursa, normativ hüquqi aktların qüvvəyə minməsi ilə bağlı başqa bir qayda nəzərdə tutulmayıbsa, o sənəd dərc edildiyi gündən qüvvəyə minir.
Təklif olunan düzəliş müstəsna bir halın icrası ilə bağlıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər. Hesab edirəm ki, bu çox vacibdir, çünki Azərbaycanın son dövrlərdə dövlətlərarası müqavilələrinin sayı artır. Bu qanunun özü də imkan verir ki, biz xarici ticarət sahəsində başqa bir müstəsna halı da nəzərdə tutaq. Elə bilirəm ki, bu, bütövlükdə bizim Konstitusiyanın müddəasına, həm də “Normativ hüquqi aktlar haqqında” Qanunun ruhuna zidd deyil. Ona görə də millət vəkillərindən bu sənədə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizin diqqətinizə Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi haqqında çox vacib bir qanun layihəsi təqdim olunmuşdur. Qanun layihəsi həcm baxımından kiçik olsa da, mahiyyət baxımından çox əhəmiyyətlidir. Hamınıza məlumdur ki, mülkiyyət hüququ anlayışı bütün hüquq qaydasının mərkəzi institutlarındandır.
Müasir dövrdə mülkiyyət hüququnun anlaşılması və məzmunu ilə yanaşı, eyni zamanda, bu hüququn hüdudlarının, yəni sərhədlərinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Konstitusiyamızın 29-cu maddəsi mülkiyyət toxunulmazlığını özündə əks etdirmişdir. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının subyektiv hüquqlarına qəsd etməməsini tələb etməyi deyil, həm də dövləti, mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququ məhdudlaşdıra bilməməsi anlamını vermir. Mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və konkret müəyyən olunmalıdır. Bizim qanunvericilikdə də belədir.
Mülki Məcəllənin “Mülkiyyət hüququnun ümumi müddəaları” fəslində qeyd olunduğu kimi, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə mülkiyyət müvafiq dövlət orqanları, – artıq cənab Prezidentin fərmanı ilə müəyyənləşdirilib, – Nazirlər Kabineti tərəfindən yalnız bazar dəyəri miqdarında əvəzi qabaqcadan ödənilməklə özgəninkiləşdirilə bilər. Beləliklə, Azərbaycan qanunvericiliyində mülkiyyətin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Müzakirənizə təqdim olunmuş bu əlavə və dəyişikliklərdə dövlət ehtiyacları üçün torpaq sahələrinin və orada yerləşən daşınmaz əmlakın geri alınması və bununla bağlı bir sıra prosedur qaydalarının daha dəqiq müəyyən edilməsi ilə bağlıdır. Həmin layihənin hazırlanması üçün bir sıra mövcud zəruri amillər üzərində dayanmaq istərdim.
Hazırda ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlətin iqtisadi qüdrəti getdikcə artır. Həm beynəlxalq maliyyə-kredit təşkilatlarından alınan kreditlər, həm də daxili vəsaitlər hesabına infrastruktur təyinatlı layihələr, o cümlədən kommunikasiya xətlərinin çəkilməsi layihələri həyata keçirilir. Bu işlərin həyata keçirilməsi zamanı torpaq sahələrində və digər daşınmaz əmlakın, o cümlədən binaların, evlərin, tikililərin və qurğuların dövlət ehtiyacları üçün mülkiyyətçilərdən geri alınması, özgəninkiləşdirilməsi zərurəti yaranır. Bu məsələlərin tənzimlənməsi ilə bağlı həm bizim Konstitusiyanın 29-cu maddəsində, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müddəalar mövcuddur.
Qeyd olunan hüquqi normalar mülkiyyətçilərin torpaq sahələrinin və digər əmlakının dövlət ehtiyacı üçün alınmasının bir sıra şərtləri və hallarını müəyyən etmişdir. Adı çəkilən bu qanunvericilik aktlarında isə söhbət Mülki Məcəllənin müvafiq normalarından gedir, dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin və digər daşınmaz əmlakın satınalma qiymətinin hesablanması və ödənilməsi qaydası, mülkiyyət hüququnun dəyişməsinin konkret anının müəyyən edilməsi, subyektlərin hüquq və vəzifələrini və digər halları tam əhatə etmir. Bu məsələlərin tənzimlənməsi məqsədi ilə sizə Mülki Məcəlləyə təqdim olunmuş əlavə və dəyişiklik edilməsi barədə sənəd təqdim olunmuşdur.
Layihədə torpaq sahəsinin geri alınması üçün müddətin müəyyənləşdirilməsi, dövlət və ictimai əhəmiyyətli investisiya layihələrinin qısa müddət ərzində həyata keçirilməsi tələbi qoyulur. Bir sıra layihələrin icrasına konkret müddət ərzində keçilməlidir. Bu, layihələr imzalananda, müqavilələr bağlananda müəyyənləşdirilir. İstər təqdim olunmuş investisiya proqramları, istər Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən ayrılmış kreditlər üzrə layihələrin konkret icra müddətləri müəyyən olunmuşdur.
Məcəlləyə dəyişiklik edilməsi barədə təkliflərin irəli sürülməsinin səbəblərindən biri nədir? Qüvvədə olan qanunvericilikdə dövlət ehtiyacları üçün alınmalı torpaq sahəsinin mülkiyyətçisi sahənin alınması haqqında qərarın qəbul edildiyi andan, sahənin satın alınmasına dair razılaşmanın əldə olunduğu və ya məhkəmə qərarının qəbul edildiyi vaxtadək sahəyə sahibliyi, ondan istifadəni və ona dair sərəncamçılıq səlahiyyətini həyata keçirə, ondan təyinatına uyğun istifadə edə, lazımi xərcləri çəkə bilərdi. Bununla bağlı müddəa mövcud idi.
Mülki Məcəllənin 247-ci maddəsində müvafiq orqan ilə mülkiyyətçi arasında satınalma qiymətinin razılaşdırma ilə müəyyənləşdirilməsi və onun tətbiqi zamanı hər iki tərəfin sui-istifadəsinə gətirib çıxaran müddəanın olması başlıca bir amil rolu oynamışdır. Təəssüf ki, bu müddəa, yəni razılaşma məsələsi daha çox sövdələşmə kimi başa düşülmüş və qanunsuz gəlir mənbəyinə çevrilmişdir. İcra zamanı bütün mülkiyyətçilərə eyni meyarların tətbiq olunmasına, təəssüf ki, bəzən əməl edilmir. Bu dəyişiklik həm də ədalət prinsipini təmin edəcəkdir. Buna görə də hesab edirəm ki, 247-ci maddədən “razılaşma” anlayışının çıxarılması, inanıram ki, müsbət qiymətləndiriləcək və millət vəkilləri tərəfindən də dəstəklənəcəkdir.
Komissiyada qanun layihəsi çox geniş müzakirə olunmuşdur. Mübahisə doğuran bir neçə məsələni istəyirəm burada qeyd edəm. Müzakirə iştirakçılarının belə fikirləri var idi ki, dəyişiklik Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ ilə ziddiyyət təşkil edir. Biz Konstitusiyanın 29-cu maddəsinə formal hüquqi şəkildə deyil, hüquq və məntiq baxımından yanaşsaq, görərik ki, qanunlar mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsaslı olmasını və bunun məhkəmədə mübahisələndirilməsini təmin etməlidir. Təqdim olunmuş bu layihədə də var ki, 248-ci maddəyə əsasən, istənilən halda mülkiyyətçinin mülkiyyətinin özgəninkiləşdirilməsinin məhkəmə yolu ilə həllinə iddia qaldırmasına hüququ var. İnanıram ki, parlamentdəki hüquqşünas həmkarlarım da bu fikri dəstəkləyəcəklər.
Geniş müzakirəyə səbəb olan məsələlərdən biri də 246 və 247-ci maddələrdəki müddətlərlə bağlıdır. Sizə təqdim olunmuş variantda qeyd olunur ki, mülkiyyətçi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 200 təqvim günündən gec olmayaraq, bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Eyni zamanda, 247.1-ci maddədə də qeyd olunur ki, bildiriş göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq, mülkiyyətçiyə ödənilir. Müddətlərlə bağlı fikir mübadiləsi oldu. Təkliflər belə idi ki, yuxarı həddi göstərməklə bərabər aşağı müddəti, yəni “80” və “90” günləri də qeyd etməyə ehtiyac var. Bəri başdan onu deyim ki, müddətin aşağı həddinin göstərilməsi birbaşa mülkiyyətçinin hüquqlarına xidmət edən bir məsələdir. Əgər mülkiyyətçi vəziyyətdən daha tez çıxa bilərsə və məsələni mübahisəyə çevirməzsə, problem olmayacaq. Qanunvericilikdə aşağı müddəti göstərməklə mülkiyyətçinin, vətəndaşın hüququ müdafiə edilir. Müddət başa çatandan sonra dövlət orqanı bu məsələyə daha müdaxilə edə bilməz.
Yuxarı hədlə bağlı da fərqli fikirlər səsləndi. Vətəndaşın razılaşıb qərarla ona çatan ədalətli kompensasiya, ödəniş pulu ilə 200-lə 180 təqvim günü arasında 20 gün müddəti var idi ki, özünə başqa bir əmlak alsın, ora köçsün. İrad əsaslı idi və biz bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik. Diqqətinizə çatdırmaq istəyirəm ki, bundan sonra müddətlər aşağı və yuxari hədd kimi 246.4-cü maddədə 90 və 200 gün, 247.1-ci maddədə isə 80 və 180 gün müəyyənləşdirilibdir. Beləliklə, vətəndaşın münasib vaxt ərzində belə deyək, sərbəst qərarlar qəbul etmək, mülkiyyəti tərk etmək, özünə başqa bir əmlak və yaxud torpaq almaq imkanı olur. Bu məsələ ilə qanunvericilik təşəbbüsü subyekti də razılaşdı. Mən də hesab eləyirəm, bu, münasib bir müddətdir.
Bir sıra suallar müvafiq icra hakimiyyəti orqanının bu qərarı hansı formada və hansı prinsiplərə əsasən qəbul edəcəyi ilə bağlı idi. Yəni söhbət ondan gedirdi ki, cənab Prezident tərəfindən Mülki Məcəllədə edilən əlavə və dəyişikliklərin tətbiqi ilə bağlı fərman verildikdən sonra Nazirlər Kabineti satınalma qiymətləri ilə bağlı məsələni hansı formada, hansı prinsiplərlə həll edəcək? Əlbəttə, bu, bir qədər gələcəyin işidir, amma mən onu deyə bilərəm ki, həm qanunvericilik təşəbbüsü subyekti, həm də əlaqədar dövlət orqanlarının nümayəndələri ilə bizim görüşlərimizdə son qərar belə oldu ki, qiymətləndirməni komissiya həyata keçirəcək. Komissiyada müvafiq dövlət, hətta bələdiyyə orqanları nümayəndələrinin iştirakının təmin olunması nəzərdə tutulur. Qiymətləndirmə Azərbaycan qanunvericiliyinə, daha doğrusu, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, bazar qiyməti əsasında həyata keçiriləcək. Yəni bu ödənişin mühüm bir prinsip olaraq bazar qiymətləri əsasında həyata keçirilməsi yenə də pozulmayacaqdır.
Hörmətli millət vəkilləri! Qeyd etmək istəyirəm ki, mülkiyyət hüququnun tətbiqi ilə bağlı mübahisələr Azərbaycan məhkəmələrində uzun illər ərzində olmuşdur. Bu sahədə beynəlxalq səviyyədə Avropa İnsan Haqları Məhkəməsinin də təcrübəsi mövcuddur.
İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 11-ci maddəsinə uyğun qaydada baxılan bir çox işlərdə ictimai maraq baxımından mülkiyyətin özgəninkiləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilmişdir. Məhkəmə qeyd etmişdir ki, mülkiyyəti dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya hətta ödəmədən də özgəninkiləşdirmək mümkündür. Mən bunu, sadəcə, bir misal kimi çəkmək istəyirəm. İctimai maraqlara xidmət edən iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlərə – tam bazar dəyərlərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə də haqq qazandırıla bilər. Ona görə ki, Avropa İnsan Haqları Məhkəməsinin də mülki hüququnda ictimai maraq önə çəkilmiş, hətta məhkəmənin qərarlarında da bu fikir verilmişdir.
Sözsüz ki, “ictimai maraq” geniş anlayışdır. Məhkəmə öz işlərinin birində qeyd etmişdir ki, sosial və iqtisadi siyasət həyata keçirilərkən qanunverici orqanın qiymətləndirilməsi sərbəstliyi geniş olmalıdır. Onu da qeyd etməliyik ki, bütün bunlarla yanaşı, ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi arasında tarazlıq və mütənasiblik prinsipi də heç zaman pozulmamalıdır. Düşünürəm ki, dövlət ehtiyacları üçün torpağın və əmlakın alınması haqqında sonralar, bəlkə də yaxın gələcəkdə xüsusi qanunun qəbul olunması zərurəti də yaranır. Bir çox dövlətlər bu məsələləri xüsusi qanunlarla da tənzimləyir. Məlumat üçün deyə bilərəm ki, belə bir fikir, belə bir ideya bizdə də yaranmışdır. Dövlət və ya ictimai ehtiyaclar üçün torpağın və əmlakın alınmasının xüsusi bir qanunla da tənzimlənməsi vacibdir. Mövcud beynəlxalq və yerli investisiya layihələrinin vaxtında ictimai maraq baxımından həyata keçirilməsi üçün cənab Prezident tərəfindən təqdim olunmuş bu əlavələr və dəyişikliklər zəruridir. Millət vəkillərindən bu məsələnin lehinə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Müzakirələrə başlayırıq. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Əli müəllim bu problemin izahatını çox dəqiq və peşəkarcasına verdi və onun səsləndirdiyi bir çox fikirlərlə biz də razıyıq. Ümumiyyətlə, cəmiyyətdə belə bir fikir olmamalıdır ki, dövlət hər hansı bir şəkildə iqtisadi islahatlar həyata keçirirsə, hansı addımlar atırsa, mülkiyyətin özgəninkiləşdirilməsi məsələsinə toxunmaya bilər və bu, Konstitusiyada da nəzərdə tutulub. Bu, istər Avropa qanunlarında, eləcə də Azərbaycanın qoşulduğu İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda nəzərdə tutulan qaydada özünün təsbitini tapıbdır. Buna görə heç bir etiraz yoxdur, dövlət bir çox hallarda bu addımı atmalıdır. Əgər iqtisadi islahatlar keçirilirsə, körpülər də, yollar da çəkilməli, müəyyən infrastruktur layihələri həyata keçirilməlidir.
Bu qanunla bağlı, təbii ki, fərqli yanaşmalar da ortaya çıxır və bunlar da əsassız deyil. Qanunun birinci növbədə Konstitusiya ilə uyğunluğu məsələsində, mən hesab eləyirəm ki, müəyyən anlaşılmazlıqlar var. Bunlar, birinci növbədə, Konstitusiyada nəzərdə tutulan bir çox müddəaların qanunda öz əksini tapmaması ilə bağlıdır. Məsələn, dövlət orqanının qəbul elədiyi müvafiq sənədin məhkəmənin qərarı olmadan hüquqi bir akt kimi qəbul edilməsi ciddi problemlər yaradacaq.
İkinci, ən çox mübahisə doğuran məsələ satınalma qiymətinin kimin tərəfindən müəyyən olunmasıdır. Burada əqddən söhbət gedir. Tərəflərdən biri bunu müəyyən eləyirsə, əqdin hüquqa nə dərəcədə uyğun olub-olmaması hər zaman mübahisə yarada bilər. Ola bilsin ki, müvafiq icra orqanı - Nazirlər Kabineti məsələ ilə bağlı hər hansı bir formada müəyyən komissiya yaradılmasını həll etsin. Əgər komissiyanın yaradılması nəzərdə tutulursa, olduqca vacibdir ki, onun tərkibinin üç, dörd və ya beş nəfər olması bu qanunda öz əksini tapsın. Əks təqdirdə, tərəflərin biri ən azı qiymətin birtərəfli qaydada müəyyən olunmasına çalışa bilər, bu da böyük fəsadlar yaradacaq.
Mən hesab eləyirəm ki, burjua hüququnun bəlkə də ən böyük nailiyyəti mülkiyyət toxunulmazlığı prinsipini qəbul eləməsi idi. 1804-cü il Napoleon Mülki Məcəlləsinin əsas dəyəri bundan ibarət idi. Bu gün bizim, əslində, o prinsipdən bir qədər kənarlaşmağımız olduqca təhlükəlidir. O baxımdan ki, belə bir qanunun qəbul olunması gələcəkdə istər xarici investorların, istərsə də Azərbaycanda sərmayəsi olan insanların hər hansı bir yerə kapital yatırması üçün bir təhlükəyə çevriləcəkdir. Bu, hamıya aid olan məsələdir. Sabah sən burada deyək ki, nəsə bir yer götürürsən, müəssisə tikirsən. Bir az keçəndən sonra şəhərsalma planına uyğun olaraq birtərəfli qaydada müvafiq icra orqanının müəyyən elədiyi satınalma qiyməti ilə müəssisəsi əlindən alınır. Bu harada görünüb? Bu gün Avropa Məhkəməsində Azərbaycanla bağlı 400-dən artıq iş var. Bunun beşində, səhv eləmirəmsə, Azərbaycan əleyhinə qərar çıxarılıbdır və onların sayının artması da gözlənilir. İnanın ki, bu məsələdən sonra, xüsusilə mülkiyyət məsələsi ilə bağlı çox böyük şikayətlər ortaya çıxacaqdır. Əli müəllim çox doğru qeyd elədi, Avropa Məhkəməsinin bu barədə çox ciddi qərarları var. Onlarda göstərilir ki, dövlət, hətta tam kompensasiya ödəməyə də bilər. Burada mübahisə yoxdur, dəyəri tam əhatə etməyə bilər, amma bu qiymət ədalətli müəyyən olunmalıdır. Qiymətin müəyyənləşdirilməsi mexanizmi tərəflər arasında razılaşdırılmalıdır. Qiymətin özündən daha vacib bu mexanizmin müəyyən olunmasıdır. Digər tərəfdən, ən təhlükəli məqamlardan biri odur ki, dövlət orqanının qərarı ilə vətəndaş razılaşmadığı halda məhkəməyə müraciət eləməlidir. Siz təsəvvür eləyin...
Sədrlik edən. Mikrofonu verin. Niyə kəsildi? Beş dəqiqə istəyirsən? Elə beş dəqiqə danışmısınız, yenə əlavə edək? Buyurun.
F. Mustafayev. Vətəndaşın üzərinə məhkəməyə müraciət eləmə məsələsinin qoyulması bir az anlaşılan deyil. Yəni Avropa Konvensiyasının özündə və oranın məhkəmə təcrübəsində də göstərilir ki, bu məsələdə sübutetmə yükü dövlətin üzərinə qoyulmalıdır. Burada sübutetmə yükünə görə birbaşa vətəndaş vəkil tutmalıdır. Beləliklə, o, oturduğu yerdə müəyyən problemlərlə üzləşməli, bir neçə məhkəmə prosesini keçməli və sonra da məğlub olmalıdır. Məğlub olanda da mülkiyyətdən əlavə vətəndaş ya 1000, ya 2000, ya da 3000 manatını itirməlidir. Yəni bu baxımdan, mən hesab eləyirəm ki, vətəndaşın marağını da düşünmək lazımdır. Odur ki, qanun layihəsində ciddi dəyişikliklərə ehtiyac var. Əlbəttə, müəyyən islahatlar aparılmalı, işlər görülməlidir, çünki bir çox yerlərdə qanunsuz tikililər var. Qanunsuz tikililərə, zəbt olunan yerlərə qarşı mübarizə aparılsa, çox müsbət qarşılanar. Mülkiyyətlə bağlı, – dövlətin vəsait ödəməsindən söhbət gedirsə, – müəyyən mənada razılaşma nəticəsində korrupsiya elementləri də ortaya çıxa bilər. Bu zaman mülkiyyət toxunulmazlığı prinsipinə dövlət özü həssas yanaşmalıdır, çünki bu hüquq bir dəfə pozuldusa sonradan onu bərpa eləmək olduqca çətindir. Bu da sosialist mülkiyyət yanaşmasına gətirib çıxarar. Bu baxımdan düşünürəm ki, məsələ bir daha dəqiqləşdirilməlidir. Xüsusilə komissiyanın yaradılması məsələsi qanunda öz əksini tapmalıdır.
Mən də müddətlər məsələsini təqdir eləyirəm. Əli müəllim qeyd elədi ki, müddət artırılıb. Bu artırılmanın özü müsbət haldır, amma müddətdən də daha önəmlisi odur ki, vətəndaşın öhdəsinə məhkəməyə vermək məsələsi qoyulmasın. Vətəndaşın özü, deyək ki, bu problemlə üzləşməməlidir. Bu baxımdan burada ədalətlilik prinsipi mütləq mənada gözlənilməlidir. Mən qanuna niyə bu cür münasibət bildirirəm? Dediklərim subyektiv baxışımdır və ola bilsin, mənimlə kimlərsə razı olmayacaq.
Mən əminəm ki, biz bu qanunu qəbul eləyəndən sonra Azərbaycan üçün Avropa məhkəməsi, ümumiyyətlə, beynəlxalq təşkilatlar səviyyəsində çox ciddi problemlər yaranacaqdır. Ona görə də bu mövzuya belə həssaslıqla münasibət bildirməyi özümə borc hesab elədim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, möhtərəm Sədr. Mən əvvəlcə prosedur qaydaya toxunmaq istəyirəm. Bizim Daxili Nizamnamənin 17-ci maddəsinin ikinci abzasında belə bir müddəa vardır: “Müzakirə layihənin təşəbbüsçüsünün və aparıcı daimi komissiyanın nümayəndəsinin məruzələri ilə başlanır. Təəssüf ki, bizdə bir qayda olaraq, yalnız komissiyanın nümayəndəsi çıxış eləyir, lakin qanunvericilik təşəbbüsçüsünün özü, yaxud indiki halda, təbii ki, dövlət başçısının nümayəndəsi burada iştirak eləmir, lazım olan izahatları və suallara cavabı vermir.
Sədrlik edən. Üzr istəyirəm, nəzərinizə çatdırım ki, mən əvvəldə demədim, nümayəndələr bura dəvət olunublar və iclasda iştirak edirlər. Lazım olanda suallara cavab verərlər. Mikrofonu verin, Pənah müəllim, buyurun.
P. Hüseyn. Daxili Nizamnamənin qeyd elədiyim müddəasına görə, birinci onlar məruzə eləməlidirlər, sonra bizim komissiyanın nümayəndəsi. Qayıdıram bu dəyişikliklə bağlı məsələyə. Mən Fazil bəydən fərqli olaraq, birmənalı şəkildə bunu Konstitusiyaya zidd hesab eləyirəm. Oradakı 29-cu maddənin IV hissəsini diqqətinizə çatdırıram: “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz.” Hesab eləyək ki, müvafiq icra hakimiyyəti orqanı torpağın və yaxud da onun üzərindəki tikilinin alınması haqqında qərar qəbul elədi. İndiki dəyişiklikdən sonra vətəndaşa məhkəməyə müraciət hüququ verilir, lakin vətəndaş bu hüquqdan istifadə eləmir, məhkəməyə vermir.
Bu mülkiyyət necə məhrum ediləcəkdir, necə özgəninkiləşdiriləcəkdir? Bir daha təkrar eləyirəm, Konstitusiyanın bu müddəasına “formal hüquqi” deməklə onun üstündən keçmək mümkün deyil. Ümumiyyətlə, Əli müəllimin nəzərinə çatdırım ki, hüquqi məntiqin özü formal məntiqdir. Onlar hüquq fakültəsində oxuyublar, orada daha çox formal məntiq öyrənilir. Ümumiyyətlə, hüquq elminin, – bizim hörmətli hüquqşünaslarımız var, – yeri gəlmişkən deyim ki, formal yox, daha çox məntiqi üstünlüyü var. Ona görə bir daha təkrar eləyirəm, deyək ki, torpağım və yaxud onun üzərindəki mülkiyyət məndən alınır, çünki icra hakimiyyəti belə bir qərar qəbul eləyir. Düzdür, bu dəyişiklikdən sonra mənim belə bir hüququm var ki, məhkəməyə müraciət edim, ancaq etmirəm. Bu hüquqdan niyə istifadə eləmirəm? Bəs bu necə özgəninkiləşdiriləcəkdir ki, Konstitusiyaya zidd olmasın? Ona görə, mən əminəm ki, istənilən şikayət Avropa Məhkəməsinə, Fazil bəyin çözələdiyi kimi, gedəcək və şikayətçinin xeyrinə həll ediləcəkdir. Dəyişiklik qanunsuzdur, mən təkid eləyirəm, bunun üzərində işlənilsin.
İkinci, bu, ədalətsiz qanundur. Nəyə görə? Ona görə ki, dövlət və vətəndaş münasibətlərində, aydın məsələdir ki, dövlət nəhəng bir gücə malikdir. Onun inzibati, mütəxəssis, maye ehtiyatları var. Biz Azərbaycan vətəndaşını bu gün nəhəng bir güc ilə üz-üzə qoyur, sonra da deyirik ki, guya burada hansısa bir ədalət prinsipi gözləniləcək. Hətta Əli müəllimin çıxışında belə bir məqam oldu ki, guya burada hamı üçün bərabər şərait yaradılır, dövlətin də hüquqları qorunur. Məncə, birinci növbədə, indiki müasir, sivil dünyada rəhbər tutulan hüquq prinsipinə görə, vətəndaşın prioritet, şübhəsiz ki, hüququ olmalıdır. Mən çox istəyərdim ki, bu məsələyə aydınlıq gətirilsin.
Mülki qanunvericiliyin bu dəyişdirilən müddəalarının mən mövcud surətini çıxarıb gətirmişəm. Bunlar tamamilə mümkün olan hər cür imkanı verir. Yəni vətəndaşa təklif olunur ki, torpağı, mülkiyyəti dövlət ehtiyacı üçün alınmalıdır. Vətəndaş qiymətlə razılaşmır və mülkiyyəti əlində saxlamaq istəyir. Bizim indiki Mülki Məcəllə dövlət orqanına imkan, hüquq verir ki, o, məhkəməyə müraciət etsin. Məhkəmə qərar qəbul etdikdən sonra artıq vətəndaşın “mən bu qiymətə satmıram” və yaxud “mən bunu özgəninkiləşdirmirəm” deməyə haqqı qalmır. Hüquq birmənalı şəkildə dövlətin tərəfində olur. Bu, hansı ehtiyacdan və zərurətdən yaranıb?
Burada müddətlər məsələsinin üzərində dayandılar. Müddətlər guya bizdə həyata keçirilən investisiya proqramları ilə izah olundu. Onları qoyaq qırağa, nə kimi, təkrar eləyirəm, xüsusi zərurət yaranıb ki, ortalığa iddia qoyan özgəninkiləşdirən, mülkiyyəti olan dövlət həmin məhkəmə hüququndan istifadə eləmir, amma bu hüquqdan istifadə eləməyən vətəndaşa deyir ki, sən əgər razılaşmırsansa, dövlət orqanını məhkəməyə verə bilərsən. Bu, bir daha təkrar eləyirəm, ziddiyyətli bir məsələdir. Hesab eləyirəm ki, bu, məntiqinə görə Konstitusiyanın müvafiq normasına və bir çox digər müddəalara ziddir.
Bizim vətəndaşları, hörmətli iqtidarın əksəriyyətini həmişə öz təbliğatımızla xəbərdar edirdik ki, bizim müxalifətin sıxışdırılması, iqamətgahlarından məhrum olunması, onların mülkiyyətinin, icarəyə götürdükləri sahələrin partiyaların əlindən alınması, siyasi və demokratik hüquqlarının tapdalanması bir gün gəlib qapınıza çıxacaq və sizin qapınızı da döyəcəklər. Çünki ölkədəki antidemokratik təmayül, heç bir halda yol verilməyən siyasi rəqabətin aradan qaldırılması əvvəl-axır iqtisadi rəqabətin aradan qalxmasına gətirib çıxarmaya bilməzdi. İndi budur, gəlib ona da çatmışlar.
Şübhəsiz ki, bizim siyasi hüquq və azadlıqlar uğrundakı mübarizəmizə laqeyd qalan indiki sahibkarlar, xırda, xüsusilə orta sahibkarlar artıq çox gözəl görürlər ki, mülkiyyət sahibləri onların başlarına nə cür oyun gətirmək istəyirlər. Bu cəhətdən mən bu qanunun layihəsini hazırlayıb müzakirəyə çıxaran şəxslərə, müəyyən mənada, dırnaq arasında təşəkkürümü də bildirmək istəyərdim. Bu, əlbəttə, mühüm bir məsələdir.
Açıq etiraf eləyək ki, mülkiyyətə müdaxilə təkcə formal hüquqi məsələ deyildir, burada sosial-psixoloji amil də vardır. Bu, bilirsiniz, bir müqəddəslik haləsinə bürünmüş məsələdir. Bunu biz zədələdikdə inanın ki, prinsipin özü də Azərbaycanda çox kövrəkdir. Biz hələ keçmiş sovet hökumətindən qalmış mülkiyyət münasibətimizi qoruyub saxlayırıq. Xüsusi mülkiyyətin nə dərəcədə toxunulmaz olması məsələsi hələ indi-indi, özü də ki, kövrək şəkildə aydınlaşırdı. İndi də buna çox böyük ciddi zərbə vurmuş olduq. Mən bir daha təkrar eləyirəm, o mənada bu qanun dəyişikliyinin həm də ciddi sosial-siyasi, sosial-psixoloji nəticəsi vardır. Prinsip etibarı ilə burada, deyək ki, layihəni həyata keçirən hansısa bir müvafiq icra hakimiyyəti orqanı, ola bilsin, 20 milyon, 30 milyon qabağa düşsün, guya qənaət eləsin, bir ayda hansı məbləği isə udsun. Digər tərəfdən bu, olduqca böyük ziyan gətirər. Mən bir daha təkrar edirəm, dövlətin ümumi iqtisadi və sosial inkişafı strategiyasına zidd olan bir zərbə ilə üzləşirik.
İkinci, açıqca, bir məsələnin də üzərində dayanmaq istəyirəm. Bir çox məsələlər indi dövlət başçısının imzası ilə gəlir, aydın məsələdir ki, mütəxəssislər hazırlayır və icra hakimiyyəti orqanları bunu icra edirlər. Mən hökumətin hesabatına baxdım, keçənilki hesabatda 77 qanun layihəsini Nazirlər Kabinetinin müvafiq şöbələri işləyib təqdim eləyiblər. Bilirsiniz, buradakı bir dəyişiklikdən açıq-aydın korrupsiya iyi gəlir. Çünki bir daha təkrar edirəm, müvafiq Mülki Məcəlləyə olduqca düzgün şəkildə, olduqca mükəmməl bir şəkildə, olduqca hüquqi mexanizmlərlə tənzimlənən bir şəkildə bu cür baş-ayaqlıq gətirilməsinin başqa cür anlamı, başqa cür izahatı ola bilməz. Heç bir xalqda hansısa investisiya layihələrinin ləngidilməsi, həyata keçirilməsi belə şəkildə izah edilə bilməz.
Hörmətli deputatlar, bu, minlərlə yox, on minlərlə insanın, sizin seçicilərinizin də bəzilərinin marağı ilə bağlı olan zəruri məsələdir. Mən hesab eləmirəm ki, dövlət başçısının imzası ilə gəlib deyə, buna belə şəkildə səs vermək olmaz. Burada heç nə udulmur, heç nə qazanılmır. Dövlət də, ümumi iqtidar da, hökumət də, investisiya layihəsi də heç nə qazanmır, amma dövlətimizin, siyasətimizin strateji maraqlarına böyük bir zərbə vurulur. İnsan hüquqları və azadlıqları, onların ən fundamental hüquqlarından biri olan mülkiyyət hüququ pozulur və ona görə də mən Sizi bu məsələyə səs verməməyə dəvət edirəm.
Sədrlik edən. Çox sağ olun, Pənah bəy. Mən bilmirdim, Siz dövlətin strategiyasını bu qədər dəstəkləyirsiniz. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, mən Oqtay müəllimin replikasını bir az da inkişaf etdirib demək istəyirəm, doğrudan da, Pənah Hüseynin çıxışından belə çıxır ki, həqiqətən, o, bu gün dövlətin strateji maraqlarının müdafiəsində önəmli bir rol oynamaq mənasında çıxış elədi. Lakin hörmətli həmkarımın çıxışında ziddiyyətli məqamlar var, yeri gəldikcə öz çıxışımda bunları göstərəcəyəm.
Əslində, bu gün Azərbaycanın bütün sahələrində inkişaf özünü birmənalı şəkildə göstərməkdədir. Bəzi faktlara müraciət edəcəyəm.
Bakı–Astara yolu Azərbaycanın İran körfəzinə çıxışıdır. Bakı–Qazax yolu Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyəyə və Qərbə çıxışıdır. Bakı–Qusar yolu Azərbaycan üçün son dərəcə ciddi bazar rolu oynayan Rusiyaya və eyni zamanda, Rusiyadan MDB məkanına çıxışıdır. Bu sahədə ciddi işlər gedir. Lakin elə sahələr var ki, orada məsələ, doğrudan da, daşa dirənib. Yəni mövcud qanunvericilikdə məlum boşluqlar problemin həllinin reallaşdırılmasına imkan vermir. Bu gün səhər tezdən mən aeroport yolu ilə gedərkən gördüm ki, orada ciddi işlər aparılır. Lakin elə yerlər var ki, orada iş görmək mümkün deyil, çünki orada ya mağaza, ya da ev var və sair. Niyyət nədən ibarətdir? Yaxud da başqa məsələ. Bakının su təminatını reallaşdırmaq üçün Oğuzdan Bakıya su kəmərinin çəkilməsi ilə bağlı çox böyük layihə həyata keçirilir. Bu kəmər neçə rayondan keçib Bakıya gəlib çıxmalıdır. Qanunda boşluq var. Azərbaycan nə etməlidir? Pənah Hüseynin və eyni zamanda, Fazil Mustafayevin çıxışından belə nəticəyə gəlmək olar ki, bu layihədən imtina etmək, hər şeyi Allahın ümidinə buraxmaq lazımdır.
Əgər müvafiq icra hakimiyyəti mülkiyyətçiyə bazar qiymətlərinə uyğun qiymət təklif edirsə və mülkiyyətçi bundan imtina edirsə və bu imtina ilə bağlı məsələnin məhkəmə vasitəsilə həll edilməsi imkanları yaranırsa, bundan daha demokratik, mülkiyyət hüququnun qorunmasından yaxşı nə ola bilər? Yeri gəlmişkən, Əli müəllim xatırlayar, korrupsiya ilə bağlı yığıncaqda mən bir təkliflə çıxış etdim. Əgər, doğrudan da, mülkiyyətçi yaranmış situasiyada qiymətdən narazıdırsa və məhkəməyə müraciət etmirsə, bir boşluq yaranır. Onda gəlin müddət qoyaq, əgər 90 gün ərzində mülkiyyətçi məhkəməyə müraciət etmirsə, onda bu hüquq dövlətə verilsin. Dövlət öz hüququndan istifadə etsin və mülkiyyətçini məhkəməyə versin, öz hüquqlarını qorusun və strateji xarakter daşıyan bir layihəni reallaşdırsın. Bu təklif qəbul olunmadı. Konvensiyalar, insan hüquqları, insan azadlıqları, Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsi və sair nəzərə alınaraq bu təklif həyata keçirilmədi.
İndi mülkiyyət hüquqlarını tamamilə müdafiə edə biləcək bir layihə ortalığa qoyulub. Mənə elə gəlir ki, burada xüsusilə də müxalifətin niyyəti ondan ibarətdir ki, Azərbaycanda son dərəcə ciddi xarakter daşıyan bu layihələr ən müxtəlif mülkiyyətçilərlə mübahisə zəminində illərlə uzansın və reallaşdırılmasın. Ola bilsin ki, gələcəkdə Gəncədən Goranboya, oradan Bərdə, Ağcabədi, Beyləqandan keçmək şərti ilə dəmir yolu çəkilsin. Bu necə olmalıdır, hansı qanunla tənzimlənməlidir? Gələcəkdə bu da ola bilər.
Tədim olunan qanun layihəsində ədalətlilik prinsipi gözlənilir. Burada deyildiyi kimi, əslində, buradan korrupsiya iyi gəlmir, korrupsiyaya son qoymaq üçün müvafiq norma öz əksini tapır. Söhbət ondan gedir ki, tərəflər ayrı-ayrı nazirliklər, komitələr deyil, tərəflərin biri mülkiyyətçidir, digəri Nazirlər Kabineti, hökumətdir və hökumətin arxasında duran dövlətdir və hökumətin müəyyənləşdirdiyi komissiyadır. Həmin komissiyanın üzvləri, heç şübhəsiz, dövlət başçısı tərəfindən müəyyənləşdiriləcəkdir. Korrupsiyaya qarşı mübarizə aparan bir dövlətin bu və ya digər korrupsiyaya uğraması, korrupsiyaya bulaşması cəfəngiyatdır. Ona görə də bu fikirlərin əsası, məntiqi yoxdur, həmin çıxışlar obyektiv deyildir.
Mənə elə gəlir, hörmətli Sədr, biz gələcəkdə bu və ya buna bənzər digər ciddi məqamlarla rastlaşmalı olacağıq. Mən təklif edərdim ki, dövlət torpağı, onun satılması, alınması və bölünməsi haqqında ayrıca qanun qəbul edilsin. Həmin qanunla, mənə elə gəlir ki, bütün boşluqlar aradan qalxar və beləliklə, əslində, demaqogiya xarakteri daşıyan bu cür çıxışlara da ehtiyac olmaz.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Sözün doğrusu, mən bilirdim, eşitmişdim ki, Pənah bəyin “korrupsiya iyi”ndən xoşu gəlir, amma bu dərəcədə bilmirdim. Yəqin, bu da ondan irəli gəlir ki, vaxtı ilə Baş nazir işləyib, dadını görüb, hələ burnundan getməyib həmin iy.
Əlbəttə, bu qanun layihəsi, hesab edirəm ki, ciddi bir qanun layihəsidir. Burada, sözsüz, mübahisə etmək olar. Amma mən hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi Konstitusiyamızın 29-cu maddəsi ilə heç bir ziddiyyət təşkil eləmir. Hər şeydən əvvəl ona görə ki, əvvəla vətəndaşın mülkiyyəti dövlət ehtiyacı, ictimai ehtiyac, yaxud konvensiyada deyildiyi kimi, ictimai maraq üçün lazımdırsa, onun əvvəlcədən ədalətli haqqı ödənilir. Burada “ədalət” anlayışının nə dərəcədə yerində olub-olmamasından söhbəti getdi. Fazil Mustafayev bu barədə məsələ qaldırdı. Bəli, komissiya da məhz ona görə yaradılır ki, bu mexanizmi müəyyən eləsin, məsələnin hər iki tərəfi qane edən ədalətli həlli meydana çıxsın. Məsələn, belə bir vəziyyət yarana bilər. Bayaq Fəzail müəllimin qeyd etdiyi kimi, magistral yol çəkilirsə, həmin yolun qırağında olan hər hansı bir tikilinin qiyməti 10 min manatdırsa, mülkiyyətçisi buna 1 milyon tələb edirsə, təbii, bu da ədalətli ola bilməz. Yəni komissiya bir söz deyə bilər, mülkiyyətçi başqa bir söz, ortaq qiymət tapmaq lazımdır, bu da bazar qiymətidir. İqtisadçılardan, hüquqşünaslardan ibarət komissiya yaradılacaq. Həmin komissiyanın tərkibində bütün sahələrdə çalışan insanlar olacaq ki, ədalətli qiyməti müəyyən eləsin, kompensasiya ödənilsin. Burada heç bir problem olmayacaq.
Digər bir məsələ qalxdı. Ümumiyyətlə, vətəndaşın əvvəlcədən məhkəməyə müraciət etmək hüququ olmalıdır. Mən hesab edirəm ki, buna ehtiyac yoxdur, çünki “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə məhkəmə pozulmuş hüquqların bərpası ilə məşğuldur. Məhkəmə işə o vaxt qarışa bilər ki, hüquq pozulmuş hesab edilsin. Mülkiyyətçi hesab etsin ki, onun hüququ pozulub, yəni ona mülkiyyətinə görə ədalətli surətdə kompensasiya ödənilməyib. Yalnız bu halda məhkəmə işə qoşula bilər, amma əvvəlcədən məhkəmənin işə qoşulmasına lüzum yoxdur. Bu da məsələnin bir tərəfi.
Burada Fazil müəllim sübutetmə məsələsi ilə bağlı məsələ qaldırdı. Fazil müəllim, siz özünüz də bilirsiniz ki, cinayət prosesindən fərqli olaraq mülki prosesdə sübutetmə mülkiyyətçinin üzərinə düşür, dövlətin üzərinə yox. Cinayət prosesində sübutetmə vəzifəsi dövlətin üzərinə düşür. Yəni əgər hər hansı bir şəxs cinayət törədibsə, dövlət, konkret olaraq prokuror yox, müstəntiq sübut etməlidir ki, siz bu cinayəti eləmisiniz. Əlbəttə, qanunla müəyyən edilmiş yollarla. Amma mülki prosesdə belə deyil. Mülki prosesdə bu məsələ vətəndaşın öz üzərinə düşür. Ona görə burada bir problem görmürəm.
Burada axırda bir məsələ qaldırıldı. Pənah Hüseyn məsələ qaldırdı ki, əgər vətəndaş məhkəməyə müraciət eləmirsə, onda Roma hüququnun prinsipi işləyir, susmaq razılıq əlamətidir. Əgər vətəndaş şikayət etmirsə, demək, o, ödənilmiş kompensasiya ilə razıdır. Ona görə hesab edirəm ki, Konstitusiyanın 29-cu maddəsi ilə heç bir ziddiyyət təşkil etmir.
Prosessual müddətlərin müəyyənləşdirilməsi məsələsi ilə bağlı Əli müəllim tamamilə haqlı olaraq qeyd etdi ki, bunlar artıq razılaşdırılıb. Həmin müddətlərin çox yubadılması işin xeyrinə deyil. Təsəvvür edin ki, magistral yolun çəkilməsi ilə bağlı hər hansı bir kredit almışıq, biz bu müddətləri uzatsaq, bunun nəticəsində Azərbaycan dövləti faizlər ödəməlidir. Kredit artıq xərclənməlidir, yol çəkilməlidir. Bunlar hamısı ölçülüb-biçilib. Bu məsələdə heç bir ziddiyyət görmürəm. Ona görə hesab edirəm ki, bu normal bir qanun layihəsidir və Azərbaycan Konstitusiyasının 29-cu maddəsi ilə heç bir halda ziddiyyət təşkil edə bilməz. Əgər vətəndaş əmlakının qiymətləndirilməsindən narazıdırsa, bu günə olan meyar bazar qiyməti götürülür. Bunun da mütəxəssisləri var, yığışacaqlar, baxacaqlar ki, bu evin, tikilinin dəyəri nə qədərdir? Lazım gələrsə, xarici ekspertlər də dəvət etmək olar. Amma əlbəttə, dövlətin maraqları, ictimai ehtiyaclar, dövlət ehtiyacları ilə bağlı olan bir məsələ mütləq öz həllini Mülki Məcəllədə tapmalıdır. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Bir nəfər də çıxış etsin. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Bu gün Azərbaycan iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir. Neft və qaz magistral kəmərləri, dəmir yolu və avtomobil yolları çəkilir, daxili infrastruktur təzələnir, körpülər, yol ötürücüləri tikilir. Binə hava limanından şəhərə müasir, dünya standartlarına uyğun avtomobil yolu çəkilir. Mən həmin layihələri ona görə sadaladım ki, bunların həyata keçirilməsi bu gün müzakirəyə təqdim olunan qanun layihəsi ilə birbaşa əlaqəlidir. Bu, Azərbaycan qanunvericiliyində yeni bir hal deyil, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan bir müddəadır.
Burada fikirlər səsləndi ki, Konstitusiyanın 29.4-cü maddəsi ilə ziddiyyət təşkil edir. Bu məsələni Ziyafət müəllim çox geniş izah etdi. Mən öz fikirlərimi bildirmək istərdim. Bir də məsələnin üzərində uzun-uzadı dayanmayım. Mən də hesab edirəm ki, Konstitusiya maddəsi ilə bu layihənin arasında heç bir ziddiyyət yoxdur. Ziddiyyət o vaxt olardı ki, Konstitusiya dövlət və ictimai ehtiyaclar üçün torpağın alınmasını istisna etsin. Amma Konstitusiya bunu istisna etmir və Konstitusiyanın da 29-cu maddəsinin 4-cü bəndində göstərilir: “Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız o halda icazə verilir ki, qabaqcadan onun dəyəri ədalətli şəkildə ödənilsin”. Ədalətli də bu gün bazar iqtisadiyyatı şəraitində bazar qiymətidir. Torpağın qiymətinin bazar qiymətləri ilə müəyyən edilməsi tam ədalətli olardı.
Bundan başqa, burada fikirlər səsləndi ki, bu halda məhkəməyə müraciət etmək hüququnun vətəndaşın üzərinə qoyulması düz deyil. Mən hesab edirəm ki, bu layihə ilə vətəndaşın üzərinə məhkəməyə müraciət etmək hüququ qoyulmur. Sadəcə, həmin torpaq sahəsinin alınması ilə bağlı müvafiq icra hakimiyyəti qərar çıxarır, yəni dövlət bu vəziyyətdə aktiv mövqedə dayanır. Vətəndaşa 1-ci maddədə göstərilən qaydada bildiriş göndərilir. Əgər vətəndaş öz hüquqlarının pozulduğunu hesab edirsə, onda məhkəməyə müraciət edir. Burada mən bilən, hörmətli həmkarım Pənah Hüseyn dedi ki, vətəndaş məhkəməyə müraciət etməyə də bilər. Məhkəməyə müraciət etmirsə, deməli, vətəndaş öz hüquqlarının pozulmadığını hesab edir. Buna görə də hesab edirəm ki, bu məsələ Konstitusiyanın həmin maddəsi ilə heç bir ziddiyyət təşkil etmir.
Mülki-prosessual müddətlərin üzərində dayanmaq istəyirəm. Müzakirə zamanı komissiyada bunu həmkarlarım da vurğuladılar. Əli müəllim göstərdi ki, bu məsələ qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb. Həmin müddətlərin, doğrudan da, 80-60, 80-120, 90-200 olması tam düzgündür. Burada vətəndaşın həmin torpaq sahəsini boşaltması üçün iki ay müddət qalır.
Mənim 248.1-ci maddə ilə bağlı prinsipial təklifim vardır. Orada vətəndaşın göstərilən qərardan və ya satınalma qiymətindən məhkəməyə şikayət verməsi ilə bağlı mülki-prosessual müddətlərin axımının dayandırılmasından söhbət gedir. Mən hesab edirəm, satınalma qiyməti ilə bağlı vətəndaş məhkəməyə müraciət edərkən mülki-prosessual müddətin axımının dayandırılması düzgün olmazdı, çünki qiymətin müəyyən olunması elə geniş məsələdir ki, bunun müzakirəsi uzun-uzadı davam eləyə bilər. Birinci, instansiya məhkəməsinə, daha sonra Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə müraciət, əlavə kassasiya şikayəti kimi prosedurlar strateji əhəmiyyəti olan transmilli layihələrin həyata keçirilməsini şübhə altına ala bilər. Buna görə, fikrimcə, 248.1-ci maddədə prosessual müddətlərin axımının dayandırılması üçün müvafiq icra hakimiyyəti orqanının qərarını səbəb kimi saxlamaq daha yaxşı olardı.
Bundan başqa, digər təklifim də var. Nəzərə alaq ki, qanun cəmiyyətdə mövcud ictimai münasibətləri, habelə yaranmaqda olan ictimai münasibətləri tənzimləyən normativ xarakterli aktdır. Bu gün torpaqların dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün habelə digər mülkiyyət sahibləri tərəfindən alınması ilə bağlı ictimai münasibətlər artıq formalaşıbdır. Bununla bağlı torpaqların alınması haqqında bir baza qanununun qəbul olunmasını məqsədəuyğun hesab edirəm. Ona görə həmkarlarımdan xahiş edirəm, bu qanun layihəsinə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış üçün təkid eləyən yoxdursa, xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.59 dəq.)
Lehinə 94
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azər Əmiraslanov məlumat verəcəkdir. Buyurun.
A. Əmiraslanov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin müzakirəsinə təqdim edilmiş “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən qeyd edilən qanunun 9-cu maddəsinin 6-cı hissəsindən “valyuta sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı” sözləri çıxarılır. Bu dəyişiklik valyuta və gömrük nəzarəti rejiminin liberallaşdırılmasını nəzərdə tutur.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində həyata keçirdiyi tədbirlər planının tərkib hissəsidir. Ümumdünya Ticarət Təşkilatının üzvü olan dövlətlərdə fiziki şəxs olan rezidentlərin ölkədən nağd valyuta çıxarmasına görə gömrük rüsumunun tətbiqi qeyri-tarif tənzimlənməsi və qeyri-tarif baryeri hesab edilir. Ona görə də ölkəmizdə min dollardan on min dollara qədər nağd çıxarılan valyuta üçün bir faizli rüsumun ləğv edilməsi məqsədəuyğun hesab edilir. Bu halda qanunda həmin rüsumun dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi müddəasına ehtiyac qalmır. Sadəcə, əvvəllər olduğu kimi, indi də Milli Bank nağd valyuta sərvətlərinin köçürülməsi və nağd çıxarılması qaydalarını müəyyən edəcək.
Xatırlatmaq istərdim ki, hələ 2006-cı ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti qanunvericilik aktlarının Ümumdünya Ticarət Təşkilatı prinsiplərinə uyğunlaşdırılması ilə bağlı xüsusi fərman imzalamışdır. Bu fərmana görə qırxa yaxın qanun yaxın perspektivdə Ümumdünya Ticarət Təşkilatı prinsiplərinə uyğunlaşdırılmalıdır. “Valyuta tənzimi haqqında” Qanun da unifikasiya edilməli normativ hüquqi aktlardan biridir. Bu dəyişikliyin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı Azərbaycan hökumətinin apardığı danışıqlar prosesinə müsbət təsir edəcəyini nəzərə alaraq, hörmətli millət vəkillərini qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, münasibət bildirin. Xahiş edirəm, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Bildiyiniz kimi, biz artıq bir müddətdir ki, İnzibati Xətalar Məcəlləsinə çox prinsipial dəyişikliklər etmişik. Söhbət sanksiyaların artırılmasından gedir. Bir çox inzibati xətalara görə artıq yeni müəyyənləşdirilmiş sanksiyalar tətbiq etmişik. Məlumdur ki, son vaxtlar həm yerli, həm də xarici iş adamları tərəfindən əmək qanunvericiliyinin pozulması halları mövcuddur. Çox zaman da bunlar haqlı narazılığa səbəb olur. Ona görə də təqdim olunan qanun layihəsi iki məqamı özündə ehtiva edir.
Birincisi, “Əmək qanunvericiliyinin pozulması maddəsinə əlavələr olunur. Bunlar işçi ilə işəgötürən arasında olan münasibətləri tənzimləyən müddəalardır. 53-cü maddəyə 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci bəndlər əlavə olunur. Eyni zamanda, maddələrdə uyğun olaraq sanksiyalar artırılır.
Digər maddələrdə – “Əməyin mühafizə qaydalarının pozulması”, “Məcburi əmək” adlanan maddələrdə də sanksiyalar artırılır. Ümumiyyətlə, son dövrdə iqtisadiyyatımızın, tikinti sektorunun inkişafı ilə bağlı işəgötürənlə işçi arasındakı münasibətlərdə ciddi problemlər mövcuddur. Çoxlu pozuntular var. Bunlar mətbuatda deyilib, parlamentdə də səslənib. Belə fikir mövcuddur. Mən hesab edirəm ki, bu qəbildən olan inzibati xətalara da sanksiyaların artırılması zəruridir. Bu baxımdan hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsi parlamentdə dəstəklənməlidir. Ümumiyyətlə, bu qəbildən olan inzibati xətalara görə sanksiyaların artırılması əmək intizamının möhkəmlənməsinə xidmət edən bir dəyişiklikdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov çıxış etmək istəyir. Buyurun.
A. Həsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında qanun layihəsinə münasibət bildirərək, diqqətinizi “Əmək qanunvericiliyinin pozulması” adlanan 53-cü maddəyə cəlb etmək istərdim. Həmin maddəyə əlavə edilmiş 4-cü hissədə deyilir: “İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər şərti maliyyə məbləğinin yeddi yüz mislindən min beş yüz mislinədək miqdarda cərimə edilir”.
Zənnimcə, burada aşkar məntiqsizlik var. Sual olunur: işçinin əmək və məzuniyyət haqları riyazi hesablamalardan başqa necə hesablana bilər? Yəni hamı bilir iki, əmək haqqı riyazi hesablama ilə aparılır. Başqa cür hesablama isə olmur. Əgər bu belədirsə və riyazi hesablama nəticəsində yol verilən nöqsan da istisna edilirsə, onda əmək və məzuniyyət haqlarının hesablanması zamanı vəzifəli şəxsi başqa hansı qanun pozuntularına görə cərimələmək nəzərdə tutulur? Hər hansı işçinin əmək və ya məzuniyyət haqları yalnız və yalnız riyazi hesablama ilə aparılır. 53-cü maddənin 4-cü hissəsində isə məhz bu nöqsan istisna edilir. Riyazi hesablamalar nəticəsində yol verilən nöqsanları həmin hissədən çıxaranda isə cümlə göydən asılı qalır, mücərrəd söz yığımına çevrilir. Odur ki, təklif edirəm, 53.4-cü maddədə “riyazi hesablamalar nəticəsində” sözlərindən sonra “bilməyərəkdən”, yaxud həmin fikirdən sonra “təsadüfi səhv səbəbindən” sözləri əlavə edilsin. Yəni bilinsin ki, səhvən yol verilən nöqsanlar istisna edilir. Qalan hallarda isə vəzifəli şəxsi cərimə gözləyir. Mənə elə gəlir ki, həmin maddədə də məhz bunu təsbit etmək istəyiblər, sadəcə, fikir düzgün ifadə edilməyib.
53.8-ci maddədə də göstərilir: “İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbi və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə şərti maliyyə vahidi məbləğinin otuz min mislindən otuz beş min mislinədək miqdarda cərimə edilir”. Məncə, sözügedən maddənin bu hissəsində kifayət qədər maraq və sual doğuran məqamlar var. Məsələn, əcnəbi və vətəndaşlığı olmayan şəxsi işə götürmək üçün fərdi icazə haradan və kimdən alınmalıdır? Ölkəmizdə belə bir qurum varmı? Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan əcnəbilər üçün də belə icazələr alınacaqmı? Bu məsələlər qanunda öz əksini tapmalıdır. Hamımız bilirik ki, xarici şirkətlər işçi qüvvəsinin əksər hissəsini elə xarici ölkələrdən dəvət edirlər. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 318-ci maddəyə də münasibətimi bildirmək istəyirəm. Kompleks yanaşdıqda qanunun bəzi maddələrində boşluqların olması ilə bərabər, konkret desəm, fikirlərin məqsədi tam açmaması, cümlələrin maddə və hissələri birmənalı ehtiva etməməsi ilə yanaşı, demək olar ki, bu qanuna edilən dəyişikliklər və əlavələr sanki vəzifəli iş adamlarını hədəfə alıb. Elə təəssürat yaranır ki, qanun birtərəfli işlənib. Məncə, bu qanunla bilavasitə bağlı digər qanunlarda da dəyişikliklər edilməlidir. Əks təqdirdə qanunda mübahisəli məqamlar çox olacaqdır. Maddə və hissələrə edilən dəyişikliklər və əlavələri diqqətlə oxuyanda məlum olur ki, iş adamlarının öz vəsaitləri ilə tikdirdikləri binaları, obyektləri respublikanın bütün müvafiq icra hakimiyyəti orqanları təftiş edə, yoxlaya, ona nəzarəti həyata keçirə bilərlər.
Bir anlıq düşünün ki, hər hansı bir tikinti obyektinə eyni vaxtda dövlətin bir çox nəzarət qurumlarının nümayəndələri gəlirlər. Belə xaotik qurumun yaranması nə dərəcədə məqsədəuyğundur? Siz bilirsiniz ki, təbii fəlakət baş verəndə, yanğın olanda, binalar dağılanda, çöküntü baş verəndə, bunların nəticələri, ümumiyyətlə, baş verən bütün fəlakətlərin qarşısının alınması ilə Fövqəladə Hallar Nazirliyi və onun mülki müdafiə alayı məşğul olur. Buna görə də təklif edirəm, qanunda nəzərdə tutulan nəzarətedici funksiya bir dövlət qurumunda, yəni Fövqəladə Hallar Nazirliyində cəmləşdirilsin. Onda həm təşkilatlar hərtərəfli və çoxsaylı asılılıqdan qurtarar, xaotik yoxlamalara son qoyular, həm də hər hansı pozuntu və ya olaya görə məsuliyyətin kimin üzərində olduğu konkretləşdirilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan layihəyə Sosial siyasət daimi komissiyasında da baxılıbdır. Hörmətli Əli müəllimin dediyi kimi, belə bir qanun layihəsinin müzakirəsinə və qəbul olunmasına ciddi ehtiyac var. Bu təkcə əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasına yönəlmir, həm də işçinin əmək şəraitinin yaxşılaşmasına, işçinin Əmək Məcəlləsində nəzərdə tutulan hüquqlarının, vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsinə xidmət edən bir layihədir.
Burada, hörmətli Əli müəllimin dediyi kimi, bir sıra dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərin hamısı əmək qanunvericiliyinin pozulmasının qarşısının alınması üçün lazım olan sanksiyaların gücləndirilməsi ilə bağlıdır. Bunlar hansılardır? Əmək müqaviləsi bağlamadan işçinin işə götürülməsi, iş yerlərinin və işçilərin attestasiyalarının vaxtında aparılmaması, işçiyə minimum əmək haqqından aşağı əmək haqqı verilməsi, işçiyə əmək məzuniyyətinin verilməməsi, əmək müqaviləsinə əmək qanunvericiliyinin pozulması ilə xitam verilməsi və lazımi fərdi icazə olmadan əcnəbilərin işə cəlb olunması, əmək kitabçasının açılmaması və sair.
Mən hörmətli Aydın müəllimin çıxışına bir aydınlıq gətirmək istəyirəm. Aydın müəllim dedi ki, 53.4-cü maddə ya məntiqə uyğun deyil, ya da düzgün tövsib olunmayıbdır. Əslində, maddədə hər şey aydındır. Aydın müəllim bu sahədə peşəkar olmadığına görə, çox güman ki, düzgün başa düşməyibdir. Mən izah etmək istəyirəm. Yaxşı olardı ki, belə halda komissiyaya yaxınlaşsınlar və məsələ aydınlaşdırılsın. Burada söhbət riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olunmaqla cərimə sanksiyalarından gedir. Aydındır ki, işçinin əmək və məzuniyyət haqları hesablananda yalnız kalkulyatordan istifadə olunmur. İşçinin stajından, elmi dərəcəsindən, işdə kateqoriyasından, vəzifəsindən, vəzifə statusundan, mükafatından asılı olaraq məzuniyyət haqları hesablanır. Bunlar fərqli olur. Söhbət təkcə riyazi səhvdən getmir, ola bilsin, əmək və məzuniyyət haqları verilən işçinin stajını, elmi dərəcəsini, yaxud da elmi mükafatlarını nəzərə almasınlar. Belə hallarda nəzərdə tutulan sanksiyalardan söhbət gedir. Ümumiyyətlə, hesab edirəm ki, çox lazımlı dəyişikliklərdir. Əmək intizamının möhkəmləndirilməsində, işçilərin əmək hüquqlarının qorunmasında çox böyük əhəmiyyəti olacaqdır. Komissiya adından xahiş edirəm ki, millət vəkilləri qanun layihəsinə dəstək versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Həmkarlar təşkilatı haqqımızı qorumaq istəyir. Buyurun, Səttar Möhbalılyev.
S. Möhbalıyev. Təşəkkür edirəm, cənab Sədr. Doğrudan da, bu gün müzakirəyə çıxarılan əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər çoxdan vaxtı çatmış məsələdir. Burada hörmətli deputatlarımız çıxış etdilər.
Mən işçilərin əmək və sosial hüquqlarının qorunması ilə məşğul olan bir təşkilatın rəhbəri kimi deyə bilərəm ki, belə qanun pozuntuları hər bir təşkilatda baş verir. Yəni işəgötürən işçi ilə əmək müqaviləsi bağlamaq istəməyəndə bağlamır, istədiyi vaxt işdən çıxarır, əmək kitabçasını vaxtında açmır, işdən qovulursa, işə qaytarmır. Əmək haqqının artırılmasına və ya kontraktda nəzərdə tutulan bəzi maddələrin yerinə yetirilməsinə maneçilik törədirlər. Mən sizin nəzərinizə çatdırım ki, doğrudan da, cərimələrin artırılması işəgötürənlərin məsuliyyətinin artırılmasına gətirib çıxaracaq və onlar Azərbaycanın qanunvericiliyinə riayət edəcəklər.
Xaricdən gələn işçilər məsələsinə ciddi baxmaq lazımdır. Onlar da istədikləri vaxt işə girirlər. Dövlətin müəyyən qanunları var, bu qanunlara riayət olunmalıdır. Buraya gələn xarici vətəndaşların da əmək və sosial hüquqları beynəlxalq konvensiyalara uyğun qorunmalıdır. Ona görə də xaricdən Azərbaycana mütəxəssis və ya işçi gəlirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, müəyyən qurumlarda qeydiyyatdan keçməlidir. Azərbaycanın əmək qanunvericiliyində nəzərdə tutulan şərtlər irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq həmin vətəndaşlara da şamil olunmalıdır. Mən də həmkarlarımdan xahiş edirəm ki, belə bir qanun layihəsinin qəbul olunmasına səs versinlər, mən də buna səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi, bu qanunvericiliyin bir qədər də möhkəmləndirilməsi çox vacib məsələlərdən biridir.
53.1-ci maddədə deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işə götürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə” cərimə olunur və sair. Elə idarə və müəssisələr var ki, kontrakt, yəni əmək müqaviləsi bağlamadan işə qəbul edirlər. Elə idarələr var ki, onlar əmək müqaviləsini bir aylıq, 2-6 aylıq bağlayırlar. İşəgötürən işə götürür, müqavilə bağlamır, işçi də işləməyə başlayır. Buna ayrı iş tapşırır. Belə çıxır ki, işçiyə ayrı iş tapşırırsa, əmək müqaviləsi yoxdursa, işəgötürən məsuliyyətdən kənarda qalır. İkincisi, əmək müqaviləsi bağlayıb işçiyə başqa iş tapşırırsa, onda da işəgötürən məsuliyyət daşıyır. Əli müəllim bu uyğunsuzluq haqqında öz fikrini bildirsə, daha münasib olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami müəllim, işəgötürən işçini əmək müqaviləsi ilə işə götürməlidir. Onunla əmək müqaviləsi bağlamalıdır. Həmin müqavilə 3 aylıq da ola bilər, 6 aylıq da. Ancaq heç kimə ixtiyar verilmir ki, əmək müqaviləsini çilingər kimi bağlasın, işçini qaynaqçı kimi işlətsin. Yəni bu, qanunda var. Bunu demək lazım deyil. Burada birbaşa yazılıb ki, əmək müqaviləsinə uyğun olaraq...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müqavilə və kontrakt eyni şeydir. Əmək müqaviləsi olmadan işçini necə işə götürürlər? Bunun pensiyası, sığortası, texniki təhlükəsizlik məsələləri var. Müqavilə bağlanmalıdır. Müqavilə müddətli və müddətsiz ola bilər.
Mənim fikrim qane etmədi. Ya Musa Quliyev, ya Əli müəllim, biriniz bu suallara cavab verin.
M. Quliyev. Ümumiyyətlə, əmək müqaviləsi bağlanmadan hər hansı işçini işə götürmək qanuna ziddir, qanundan kənardır, Nizami müəllim. Əmək Məcəlləsinə görə hər hansı bir işçi işə götürülsə, işəgötürənlə fiziki şəxs arasında müqavilə bağlanmalıdır. İkitərəfli, ya da həmkarlar təşkilatının iştirakı ilə üçtərəfli kontrakt imzalanmalıdır.
Sədrlik edən. Nizami müəllim, vaxtı ilə bu əmək müqaviləsi haqqında qanun olmayanda sovet hökuməti ərizə ilə işə qəbul edirdi. Mən də müəssisələrdə rəhbər işləmişəm. Kadrlar şöbəsi 3 ay bütün işçilərlə bir-bir əmək müqaviləsi bağladı. Artıq bütün idarələrdə əmək müqaviləsi mövcuddur. Xahiş edirəm, əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.20 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, əlbəttə, biz qanunvericilik aktlarına əlavə və dəyişikliklər təqdim edirik. Ola bilər ki, ilk baxışdan onlar tam aydın görünmür. Həm komissiyalar, həm də şöbələr, biz bu cür məsələləri işçi qaydasında Milli Məclisin iclasına qədər həll etməyə hazırıq. Biz hər zaman xırda məsələlərlə bağlı müzakirə açmağa və suallara cavab verməyə hazırıq ki, bu cür texniki məsələlərin həllində fikir mübadiləsinə vaxt itirilməsin.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun tətbiqi ilə bağlı edilən əlavə və dəyişikliklər kiçik texniki xarakterlidir. Məsələ burasındadır ki, biz bu qanunu qəbul edəndə “narkotik vasitələr”, “psixotrop maddələr” və “prekursorlar” anlayışlarını buraya əlavə etdik. İndi bu anlayışlar “Reklam haqqında” Qanuna və digər qanunvericilik aktlarına köçürülür. Əlbəttə, bu cür xırda dəyişiklikləri paket şəklində təqdim etmək zərurəti var, hələlik bizim qanunvericilikdə belə problem qalır. Amma indi vəziyyət belədir, ona görə xahiş edirəm, nəzərə alasınız. Kiçik texniki dəyişiklikdir, xahiş edirəm, layihəyə səs verəsiniz.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu layihəyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Üç qanuna əlavə və dəyişikliklər təklif olunur.
Birincisi, Mülki Məcəllədə “Öhdəliyin tələbləri” adlı maddə mövcuddur. “Dövlət qulluğu haqqında” Qanunun ruhundan irəli gələn, dövlət qulluğunda korrupsiyanın və qeyri-prosessual münasibətlərin qarşısının alınması məqsədini güdən bir düzəlişdir. “Tərəflərdən biri dövlət qulluqçusunun işlədiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz”. Məncə, çox aydın bir cümlədir. Əgər tərəflərdən biri dövlət qulluqçusunun işlədiyi dövlət orqanıdırsa, artıq həmin qulluqçu tərəf ola bilməz.
İkinci düzəliş “Dövlət qulluğu haqqında” Qanuna edilən texniki düzəlişdir. Biz “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul etdik. Ona görə də “Dövlət qulluğu haqqında” Qanundakı “qulluq etikası normaları” sözləri “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna uyğun olaraq “etik davranış qaydaları” sözləri ilə əvəz olunur.
Üçüncü isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilən dəyişiklikdir. Bu düzəliş bir qədər fərqlidir. Biz “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu qəbul edəndə yadınızdadırsa, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərdən bəhs edən 8-ci maddə ilə bağlı çox geniş bir müzakirə oldu. Avropa Şurasına üzv olan bəzi ölkələrin korrupsiyaya qarşı mübarizə haqqında qanunlarında hədiyyə alınmasına məhdudiyyət qoyulur. Biz də, təbii ki, belə bir məhdudiyyəti 8-ci maddədə müəyyənləşdiririk. Yadımdadır, çox geniş də müzakirə oldu. Bu dövrlər ərzində, Oqtay müəllim, qeyd etmək istəyirəm ki, qanunun tətbiqi ilə bağlı da çox işlər görülüb. Biz bu dövr ərzində Avropa Şurasının Qrebi təşkilatı ilə sıx əməkdaşlıq etmişik. Hədiyyə alma ilə əlaqədar müəyyən etdiyimiz məhdudiyyətlərdə bir sıra nöqsanlar olub, beynəlxalq təşkilatlar da bununla bağlı bir sıra tövsiyələr veriblər. Söhbət Qrebi təşkilatından gedir. Düzəlişin hamısını oxumaq istəmirəm, amma misal üçün, qeyd olunurdu ki, vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar dəyəri şərti maliyyə vahidinin 50 mislindən yuxarı olan hədiyyələr dövlət orqanına məxsusdur. Amma bu cümlə belə bir pozuntunun qarşısının alınmasına imkan vermirdi. Belə çıxırdı ki, müəyyən bir dövr ərzində dəyəri şərti maliyyə vahidinin 50 mislində olan hədiyyələr qəbul olunur. Əslində, rüşvət alınır, amma hər dəfə kiçik məbləğlərlə.
Bu cür kiçik məsələlərə də müdaxilə etdik. İndi 8-ci maddənin 5 bənddən ibarət yeni variantını təqdim etmişik. Yenə deyirəm, elə bilirəm, biz bu dəyişikliklərdə hədiyyə almaq ilə bağlı məhdudiyyətləri tam müəyyənləşdirə bilmişik. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər zaman bu məsələyə qayıdanda fikir yaranırdı ki, biz “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda hədiyyə alınmasını qanuniləşdiririk. Bir daha vurğulayıram ki, vəzifəli şəxslərə qulluq mövqeyinin icrası ilə əlaqədar hədiyyə almaq qadağandır. Söhbət burada hədiyyə alınmasının məhdudlaşdırılmasından gedir. Bu müddəalar isə baş verə biləcək hər hansı bir pozuntunun qarşısının alınmasını dəqiq müəyyənləşdirir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun, Oqtay müəllim. Mən qısaca bir məsələni aydınlaşdırmaq istəyirəm. Çox normal bir addımdır, vəzifəli şəxslərin rüşvət və hədiyyə ilə bağlı müəyyən qanunsuz fəaliyyətini tənzimləyən belə bir dəyişiklik ortaya çıxarılır. Amma burada 1-2 məqam var, mən xahiş edərdim, Əli müəllim bunlara bir az aydınlıq gətirsin. 55 manatdan yuxarı məbləğin müəyyən olunması indi, ola bilsin, standart kimi götürülübdür. Amma 8.3-cü bənddə deyildiyi kimi, hədiyyəni alıb-almamaqla bağlı qərara gələ bilmədikdə işçinin birbaşa rəhbərinin rəyini öyrənməsi, məncə, məsələni dəqiq ifadə etmir. Əgər onun rəhbəri rüşvətə daha meyillidirsə, bildirəcək ki, hədiyyəni al. Amma təmiz fəaliyyət göstərmək istəyən adamdırsa, hədiyyəni almağı qadağan edəcək. Bu rəydən sonra hansı addımı atmalıdır? Bu məsələlərdə bir qədər qaranlıq məqamlar qalır. İkinci, hər bir məsələ barədə rəhbərliyə xəbər vermək tabelikdə olan işçini asılı vəziyyətə salır. Bu məsələyə, xahiş edirəm, aydınlıq gətirilsin.
Sədrlik edən. Əli müəllim, bayaq Siz yaxşı bir tövsiyə verdiniz ki, texniki xarakterli məsələləri özünüz həll edə bilərsiniz. Bir komissiyadasınız, belə suallar ortaya çıxarkən həll etmək lazımdır. Buyurun, cavab verin.
Ə. Hüseynov. Çox sağ olun. Fazil müəllim bizim komissiyada deyil, amma bir hüquqşünas kimi bizim komissiyanın işinə qoşula bilər, problem deyil. Oqtay müəllim, yadınızdadırsa, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu qəbul edəndə də belə söhbət olmuşdu. Yəni belə bir təəssürat yaranır ki, dövlət qulluqçusuna nə isə təqdim olunanda o da rəhbərindən soruşur.
Sədrlik edən. Bölməsin, ya bölsün? Belə çıxır?
Ə. Hüseynov. Çox sağ olun. Yadımdadır ki, bu məsələ çox ciddi müzakirə olunmuşdu. İlk baxışdan belə bir təəssürat bəlkə də yarana bilər. Amma burada, məncə, çox dəqiq göstərilir. Bir dövlət qulluqçusuna görüş zamanı hədiyyə təqdim olunur. Məsələn, bir qələm, bunun da dəyəri məlumdur. Əslində, o özü qərar qəbul edə bilər, çünki bu hədiyyə xidməti vəzifənin icrası ilə bağlı deyil. Qonaqpərvərliklə bağlı olan bir hədiyyədir. Rəsmi bir qəbulda təqdim olunur və rəsmi qəbullar zamanı belə hallar mövcuddur. Söhbət protokol qaydasında verilən hədiyyələrdən gedir. Burada vəzifəli şəxsə, yəni rəhbərə müraciət etməklə bağlı bir xəbərdarlıq edilir. Yəni hədiyyəni qəbul etməklə, əslində, bir pozuntu olubsa, sonradan bu məsələ ilə bağlı araşdırma aparılanda dövlət qulluqçusu həmin müddəaları bilmədiyini qeyd edir. Amma bəri başdan qanunvericilik imkan yaradır ki, dövlət qulluqçusu bunu bilmirsə, müəyyən qərara gələ bilmirsə, onda yuxarı orqanın rəyini öyrənsin. Məqsəd ancaq bundan ibarətdir. Başqa məqsəd yoxdur.
Söhbət ancaq qonaqpərvərliklə bağlı verilən hədiyyədən gedir, çünki başqa halda hədiyyənin qəbul olunması qadağandır, yolverilməzdir, cinayətdir. Başqa bir halda heç zaman həmin hədiyyəni qəbul edə bilməz. Nəinki soruşmalıdır, soruşmadan da qəbul edə bilməz. Ancaq qonaqpərvərlik protokol qaydasında olanda bu məsələni soruşa bilər. Hədiyyənin dəyəri 50 manatdan yüksəkdir. Niyə 55 manatdır? Avropa Şurası ölkələrində standart 70-80 dollar arasındadır. Hədiyyənin dəyəri bir qədər çoxdursa, rəhbərinə müraciət edir. Onda ona məsləhət görülür ki, bu hədiyyə qanunda göstərildiyi kimi dövlət orqanına verilməlidir. Məqsəd budur. O zaman da çox müzakirə etdik. Bundan uğurlu bir yazı forması seçə bilməmişik. Təklif olsa düşünərik, amma ideyamız bundan ibarətdir.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Nəzərinizə çatdırım ki, Milli Məclisin muzeyi var, hədiyyələri oraya yığırıq. Kimin dəyəri 55 manatdan yuxarı olan hədiyyəsi varsa, Firudin müəllimə verə bilər. Fəzail müəllim, sualınız varsa, buyurun.
F. İbrahimli. Əli müəllimin izahatında maraqlı bir məqam yarandı. Söhbət protokol qaydasında verilən hədiyyədən gedir. Onun dəyərini verən bilir, alan bilmir. Axı, həmin məqamda hədiyyəni alanın vaxtı, imkanı olmayacaq ki, gedib rəhbərindən soruşsun, mən bunu alım, ya almayım? Bu məsələ necə olacaq?
Sədrlik edən. Onu mən izah edim. Protokol qaydasında verilən hədiyyə müəssisəyə, dövlətə, muzeyə gedir. Hədiyyəni alan harada işləyirsə, ora gedir. Protokol qaydası budur. 55 manatdan bahadırsa, 500 dollara da olsa, həmin hədiyyə muzeyə verilir. Mən “muzey” sözünü ona görə dedim. Qiyməti 55 manatdan yuxarı olanda muzeyə verməlidir. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İki məsələmiz qalıb. Biri Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqındadır. Müzakirələrə ehtiyac yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir (birinci oxunuş). Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Məlum olduğu kimi, ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir. Ölkə əhalisinin yüksək keyfiyyətli və müxtəlif çeşidli ərzaq məhsulları ilə davamlı təmin edilməsi təxirə salınmaz və ən vacib məsələlərdən biridir. Bu mənada heyvandarlıq məhsullarının istehsalının artırılması üçün həmin sahənin intensiv inkişaf etdirilməsi, heyvanların məhsuldarlıq və texnoloji xüsusiyyətlərinin durmadan yüksəldilməsi tələb olunur. Bütün bunlar isə heyvandarlıqda geniş miqyaslı və məqsədli seleksiya proqramlarının, müasir biotexnologiyanın nailiyyətlərinin tətbiqini özündə əks etdirən damazlıq işinin təşkilindən və həyata keçirilməsindən asılıdır.
İnkişaf etmiş Avropa ölkələrində hələ XVII əsrin axırlarından başlayaraq damazlıq işi aparılmağa başlanmış və XVIII əsrin birinci yarısında təmizqanlı “ingilis atı” cinsi yaradılmışdır. Bu cinsə həsr olunmuş ilk damazlıq kitabı da 1793-cü ildə çapdan çıxmışdır. Danimarka, İsveçrə, İsveç, Finlandiya və digər ölkələrdə südlük heyvandarlıqda damazlıq seçmədən istifadə olunmağa başlanmışdır. Bəzi ölkələrdə – ABŞ, Yaponiya, İngiltərə, Almaniyada heyvandarlıqda damazlıq işi yüksək səviyədə təşkil edilmişdir. Həmin ölkələrdə heyvandarlıqda damazlıq işinə olan məqsədyönlü fəaliyyət, uzunmüddətli diqqət və qayğının nəticəsidir ki, indi ildə hər inəkdən ABŞ-da 8600 kq, Kanadada 7600 kq, Yaponiyada 7100 kq, İngiltərədə 6800 kq, Almaniyada 6500 kq süd sağılır. Azərbaycanda isə bu rəqəm 1100 kq-dan bir az çoxdur. Bu o deməkdir ki, Amerika və ya Avropa fermerinin bir inəkdən əldə etdiyi südü almaq üçün Azərbaycan fermeri 6-7 baş inək saxlamalıdır. Yəni hər kiloqram südə 6-7 dəfə artıq xərc çəkməlidir. Ona görə də bir inəklə Azərbaycan fermeri 3 nəfəri, Amerika və Avropa fermeri isə 15-20 nəfəri süd məhsulları ilə təmin edir.
Keçən il Rusiya Federasiyasında Azərbaycana nisbətən hər inəkdən 3,5 dəfə çox, yəni 3600 kq süd sağılmasına baxmayaraq, bu ölkəyə aqrolizinq yolu ilə Hollandiyadan, Danimarkadan, Finlandiyadan, Kanadadan və başqa ölkələrdən 105 min baş damazlıq heyvan, o cümlədən 50 min başdan çox cins qaramal gətirilmişdir. Həmin iş indi də davam etdirilir. Bütün bunlar göstərir ki, heyvandarlığın inkişafı damazlıq işinin təşkilindən asılıdır və respublikamızda heyvandarlıq məhsullarının istehsalında rəqabət qabiliyyətini artırmaq üçün damazlıq heyvandarlıq sahəsində yeni texnologiyaların tətbiqi genişləndirilməli və bu sahəyə dövlət qayğısı gücləndirilməlidir.
Ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olacağı təqdirdə bu məsələ xüsusi əhəmiyyət kəsb edəcək. Ona görə ki, yüksək məhsuldarlığa malik heyvanlar olmadan dövlət tərəfindən həyata keçiriləcək müdafiə tədbirləri də yerli istehsalın rəqabətə tab gətirməsinə kömək etməyəcəkdir. Belə ki, hazırda respublikamızda hər inək və camışdan sağılan südün miqdarı həddindən artıq azdır və son 10 ildə cəmi 6,1 faiz və ya hər il 0,6 faiz artmışdır. Vəziyyət belə davam edərsə, hər inəkdən 2000 kiloqram süd sağmaq üçün 150 il vaxt lazımdır. 2006-cı ildə yerli istehsal hesabına adambaşına 22 kq ət, 173 kq süd və 86 ədəd yumurta istehlak olunmuşdur ki, bu da fizioloji, yəni tibbi normadan 2,5–3,5 dəfə azdır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə keçən il Azərbaycanda 1,3 milyon ton süd istehsal olunmuşdur, amma əhalinin tələbatı 3,3 milyon tondur. Azərbaycanda, Bakıda, Gəncədə, Sumqayıtda və respublikanın digər şəhərlərində istehsal olunan süd məhsulları, o cümlədən qatıq, pendir, xama, əsasən, xaricdən gətirilən qurudulmuş süd tozundan əldə edilir. Ona görə də bu gün dükanlarda satılan süd məhsullarının keyfiyyəti dövlət standartlarına cavab vermir.
Heyvandarlıqda olan bu vəziyyət ilk növbədə diqqətin heyvanların baş sayının artırılmasına yönəldilməsi, damazlıq işinin isə özbaşına buraxılması ilə əlaqədardır. Yəni son 10 il ərzində inək və camışların sayı 827 min başdan 1 milyon 184 min başa (artım 43 faiz), qoyunlar və keçilər 4 milyon 922 min başdan 7 milyon 868 min başa (artım 60 faiz) çatmışdır. Heyvandarlığın inkişaf texnologiyası isə başqa cür qurulur. İlk növbədə, damazlıq işi, damazlıq təsərrüfatlarının inkişafı təmin edilir. Sonra bu təsərrüfatların köməyi ilə əmtəə fermaları inkişaf etdirilir.
Hazırda ölkəmizdə 22 dövlət damazlıq müəssisəsi və 72 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. Bunlardan 40 təsərrüfat maldarlıq üzrə, 17-si camışçılıq, 19-u qoyunçuluq, 6-sı atçılıq üzrə ixtisaslaşmışdır. Onların əsas vəzifəsi yüksək məhsuldar damazlıq heyvanlar yetişdirib kəndli təsərrüfatlarını təmin etmək olsa da, həmin təsərrüfatlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Belə ki, 2007-ci ilin birinci yarısında respublikamızın bütün damazlıq təsərrüfatlarında cəmi 4300 baş qaramal, 56600 baş qoyun, 418 baş at və 106 baş dəvə olmuşdur. Bunların xeyli hissəsi dövlət damazlıq təsərrüfatlarında saxlanır və məhsuldarlığı aşağıdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə heyvandarlığa, xüsusi ilə də damazlıq işinə böyük diqqət yetirərdi. Həmin illərdə Azərbaycanda yüzlərlə heyvandarlıq kompleksləri tikildi, mövcud fermalar yenidən quruldu, respublikaya ildə 10-15 min baş cins mal gətirilirdi, dağ rayonlarında, o cümlədən Lerikdə zebuçuluq, Gədəbəydə ətlik-maldarlıq, Daşkəsəndə, Şahbuzda və digər rayonlarda ixtisaslaşdırılmış damazlıq təsərrüfatları, həmçinin damazlıq işinin səmərəli idarə edilməsi üçün “Azərdamazlıq” birliyi yaradıldı, seleksiya-damazlıq, süni mayalandırma işləri geniş vüsət aldı. Nəticədə 1980-ci illərin ortalarında südlük malın məhsuldarlığı respublika üzrə 2300 kiloqramı, ətə verilən qaramalın diri çəkisi 330 kiloqramı keçmişdi. Damazlıq təsərrüfatlarında isə bu göstəricilər daha çox artmışdı, hətta bəzi damazlıq təsərrüfatları hər inəkdən 3500-4000 kq süd sağırdı.
Bu gün damazlıq təsərrüfatlarının maddi-texniki bazasının zəif olması, damazlıq işinə biganə münasibət və bu sahənin diqqətdən kənarda qalması, seleksiya-damazlıq proqramlarının olmaması, habelə yerli heyvanların damazlıq və məhsuldarlıq keyfiyyətinin yaxşılaşdırılması üçün xaricdən yüksək məhsuldar cinslərin gətirilməməsi və damazlıq heyvandarlığın inkişafını təmin edən digər tədbirlərin həyata keçirilməməsi ölkəmizin damazlıq heyvandarlığında acınacaqlı vəziyyətin yaranmasına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, son 15 ildə dövlət damazlıq təsərrüfatlarına cins mal-qara gətirilməmiş, təsərrüfatların damazlıq özəyi dağıdılmış, cins mal-qara ətliyə verilmiş və ya kənara satılmış, heyvandarlıq fermaları uçub-dağılmış, təsərrüfatların torpaqları başqalarına icarəyə verilmiş, yem bazası bərbad hala düşmüşdür. Bunun nəticəsidir ki, keçən il bütün damazlıq heyvandarlıq təsərrüfatlarından fermerlərə cəmi 367 baş qaramal, 3620 baş qoyun və 8 baş at satılmışdır. Bu da ölkə üzrə məhsuldarlığın artırılmasına təsir göstərə bilməz.
Bütün bunları nəzərə alaraq respublikamızda əhalinin heyvandarlıq məhsullarına olan tələbatının normal səviyyədə ödənilməsi və Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrlə rəqabət aparmaq imkanlarının əldə edilməsi üçün heyvandarlıqda damazlıq işi ön plana çəkilməli, habelə heyvandarlığın prioritet sahə kimi inkişaf etdirilməsinə dövlət himayəsi artırılmalıdır.
Aqrar siyasət daimi komissiyasının deputatları hesab edir ki, əgər biz Azərbaycanda keyfiyyətli ərzaq bolluğu yaratmaq istəyiriksə, damazlıq heyvandarlığı inkişaf etdirməliyik. Bunun üçün damazlıq təsərrüfatlarının strukturuna yenidən baxılmalı, bu təsərrüfatlarda mövcud olan xəstə, az məhsuldar heyvanlar çıxdaş edilməli, buraya yüksək məhsuldar cins mal gətirilməli, təsərrüfatların maddi-texniki bazası möhkəmləndirilməlidir. Mən bu fikirlərimlə heç kimi günahlandırmaq istəmirəm. Sadəcə, damazlıq sahəsində yaranmış vəziyyəti sizin nəzərinizə çatdırmaq istəyirəm. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün ilk növbədə yeni qanunlar hazırlanmalı, qanunvericilik bazası yaradılmalıdır.
Hazırda qüvvədə olan və 1996-cı ildə qəbul edilmiş “Damazlıq işi haqqında” Azərbaycan Respublikasının Qanunu damazlıq heyvandarlığın inkişafının təmin müddəalarını, xüsusi ilə damazlıq heyvandarlığın dövlət tərəfindən tənzimlənməsini, müasir biotexnologiyaların tətbiqinin genişləndirilməsinin dəstəklənməsini və sair məsələləri özündə əks etdirmir. Ona görə də bu məsələ ilə bağlı yeni qanunun, damazlıq işi sahəsində, necə deyərlər, ana qanunun qəbul edilməsinə ciddi ehtiyac vardır. Hesab edirəm ki, bu qanun mövcud problemləri aradan qaldırmaq üçün imkan yarada bilər. Biz köhnə qanuna əlavə və dəyişikliklər etməklə onu genişləndirə də bilərdik. Lakin edəcəyimiz əlavələr qanunun özündən də çox olardı. Digər tərəfdən son vaxtlar məcəllələrə və bəzi qanunlara o qədər çoxsaylı əlavələr və dəyişikliklər etmişik ki, köhnə müddəalardan əsər-əlamət qalmayıb. Bu sənədlərdən istifadə edəndə hansı maddənin qüvvədə qalmasını, hansının qüvvədən düşməsini bilmək çətin olur. Belə vəziyyətdə onların yenidən işlənməsi daha məqsədə müvafiqdir.
Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında Milli Məclisin Aqrar siyasət daimi komissiyası deputatlarının təşəbbüsü ilə Damazlıq heyvandarlıq haqqında yeni qanun layihəsi hazırlanmışdır. Layihədə bu gün qüvvədə olan qanundan fərqli olaraq damazlıq işinin təşkilinə, bu sahənin idarə olunmasına, damazlıq ehtiyatlardan istifadə və müasir biotexnologiyaların tətbiqinin təmin edilməsinə, damazlıq təsərrüfat növlərinin yaradılmasının hüquqi əsaslarına, damazlıq ehtiyatların sınaq və ekspertizasına, onların sertifikatlaşdırılmasına, damazlıq heyvanların uçotunun təşkilinə, damazlıq heyvandarlığın dövlət tənzimlənməsinə, elm, kadr siyasətinə və digər məsələlərə aid müddəalar əks etdirilmiş, damazlıq subyektlərin vəzifələri və hüquqları daha ətraflı verilmiş, qanunvericiliyin pozulmasına görə məsuliyyət tələb edən əsaslar genişləndirilmişdir. Hesab edirik ki, bu müddəaların qanun layihəsində əks olunması ölkəmizdə damazlıq işinin səmərəli təşkilinə və heyvanların cins tərkibinin yaxşılaşdırılmasına təkan verəcəkdir.
Müzakirənizə təqdim olunan Damazlıq heyvandarlıq haqqında yeni qanun layihəsi barədə Respublika Kənd Təsərrüfatı, Ədliyyə, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, Elmi Tədqiqat Heyvandarlıq və Elmi Tədqiqat Genetika institutlarının rəy və təklifləri alınmışdır.
Qanun layihəsi oktyabr ayının 31-də Aqrar siyasət daimi omissiyasının geniş iclasında müvafiq nazirliklərin əməkdaşlarının iştirakı ilə müzakirə edilmiş və Milli Məclisdə baxılmaq üçün tövsiyə edilmişdir. Layihə 6 fəsil və 31 maddədən ibarətdir. Layihənin I fəsli ümumi müddəalara həsr olunmuşdur. Layihənin II fəsli damazlıq işinin idarə olunmasından bəhs edir. Həmin fəslin 5-ci maddəsində damazlıq heyvandarlıq sahəsində dövlətin, 6-cı maddəsində isə dövlət damazlıq xidmətinin vəzifələri müəyyənləşdirilmişdir. Qanun layihəsinin III fəsli damazlıq işinin təşkilindən bəhs edir. Burada damazlıq işinin təşkili və aparılması geniş və ətraflı verilmişdir. IV fəsil “Damazlıq təsərrüfatları və onların növləri” adlanır. Bu fəsil damazlıq işi ilə məşğul olmaq hüququna, damazlıq subyektlərinin statusu və fəaliyyət prinsiplərinə həsr olunmuşdur. V fəsil damazlıq heyvandarlığın maliyyələşdirilməsi, dövlət tərəfindən stimullaşdırılması, kadr və elmi təminat məsələlərinə həsr edilmişdir. Burada da müəyyən müddəalarda bu məsələlər öz əksini tapmışdır. VI fəsil damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, mübahisələrin həlli və məsuliyyət məsələlərindən bəhs edir.
Vaxta qənaət etmək üçün mən bu maddələri tam açıqlamadım. Yəqin ki, qanunu siz qanunu oxumusunuz, yaxından bələdsiniz. Mən bu çıxışımda çalışdım ki, qanunun mahiyyəti, vacibliyi, Azərbaycanda heyvandarlığın inkişafında onun nə qədər mühüm rol oynayacağını sizin nəzərinizə çatdırım. Hesab edirəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və Milli Məclis tərəfindən qəbul edilə bilər. Söyləyəcəyiniz rəy və təkliflərə görə əvvəlcədən sizə minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. O qədər geniş izahat verdiniz ki, birinci oxunuşda heç kəs münasibət bildirmək istəmir. Arzu Səmədbəylinin sualı var, buyurun.
A. Səmədbəyli. Çox sağ olun, Oqtay müəllim. Qanun layihəsi ilə bağlı Eldar müəllim geniş danışdı. Mənim təklif kimi sualım var. Fikir verirsinizsə, monitorda danışanda qırmızı rəngdə rəqəmi görmək mümkün deyil. Mümkündürmü rəqəmlər qara monitorda ağ rəngdə olsun? Deputatlar üçün oranı görmək daha asan olar. Sağ olun.
Sədrlik edən. Mən də dedim, yəqin, qanun layihəsi barədə danışacaq. Monitordan danışır. Əsas odur ki, vaxt sizin monitorlarda görünsün. Narahat olmayın. Onun üçün monitoru dəyişmək gərəkdir. Hələlik yaxşısını tapa bilmirik. Vidadi Məmmədov, buyurun.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Komissiyanın sədri Eldar müəllim qanun layihəsini çox geniş təqdim etdi. Mən də qanun layihəsini müdafiə məqsədi ilə bir neçə kəlmə demək istəyirəm. Ölkəmizdə kənd təsərrüfatının inkişafına çox yüksək fikir verilməlidir, çünki Azərbaycan neft ölkəsi olduğu üçün qeyri-neft sektorunun inkişafı xalqımız və dövlətimiz üçün çox lazımlıdır. Ona görə də bu qanun layihəsi vaxtında təqdim olunub. Bütün dünyada ekoloji cəhətdən təmiz məhsulların hazırlanması damazlığın inkişaf etdirilməsindən asılıdır. Bu məsələ problem şəklində qarşıya qoyulmuşdur. Bu cür qanunlar tətbiq edilməsə, genlərin daha da pozulması baş verə bilər. Həmin fəsadların insan həyatına zərər verməsi hamımıza aydındır.
Hazırda Amerikada və Avropanın başqa ölkələrində yeyinti məhsullarının genlərinin pozulmasına qarşı mübarizə aparılır. Ekoloji cəhətdən təmiz məhsulların hazırlanması üçün müəyyən tədbirlər görülür. Mən hesab edirəm ki, bu qanun layihəsinin hazırlanması ekoloji baxımdan təmiz məhsulların hazırlanmasına xidmət edəcək və ölkəmizdə kənd təsərrüfatı məhsullarının, yeyinti məhsullarının artırılmasına, onların məhsuldarlığının daha da yüksəldilməsinə imkan yaradacaqdır. Bu qanun layihəsinin qəbul olunması həm də onunla xarakterizə edilir ki, layihə qəbul olunduqdan sonra dövlət tərəfindən damazlıq təsərrüfatlarına yaxından nəzarət və köməklik göstəriləcək.
Bilirsiniz ki, bu gün respublikamızda 22 damazlıq təsərrüfatı var. Bu təsərrüfatların hamısı səmərəli fəaliyyət göstərmir. Qanun qəbul edildikdən sonra damazlıqla məşğul olan təsərrüfatlarda işləri daha yaxşı qurmaq və damazlığı inkişaf etdirmək mümkün olacaq. Mən də deputat həmkarlarımı qanun layihəsinin qəbul edilməsinə çağırıram və ona müsbət səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Damazlıq heyvandarlıq haqqında qanun layihəsini qəbul edəndə mənim yadıma 1996-cı il düşür. Bu qanunu 1996-cı ildə mübahisələrlə və müəyyən təkliflərlə birlikdə biz bir dəfə qəbul etmişdik. Həmin müddətdən 11 ilə qədər vaxt keçib. Mən Eldar müəllimdən də soruşdum, özüm də diqqətlə baxdım. Bu sahədə mütəxəssis olan Eldar müəllim qanun layihəsini çox mükəmməl və geniş şəkildə işləyib. Azərbaycan Respublikası üçün çox lazımlı və gərəkli bir qanundur. Xüsusi ilə mənə qəribə gələn cəhət ondan ibarətdir ki, qaramalın, o cümlədən camışların say nisbəti həm kəmiyyət, həm də keyfiyyətcə artır. Xüsusi ilə kəmiyyətcə 43 faiz artım vardır, ancaq keyfiyyət etibarı ilə bir qədər aşağıdır. 6 fəsil 31 maddədən ibarət olan qanun layihəsində damazlıq təsərrüfatlarını, heyvandarlığı inkişaf etdirmək üçün bütün bəndlər və maddələr ətraflı şəkildə şərh olunmuşdur. Mən də qanun layihəsinin birinci oxunuşda qəbul olunmasının tərəfdarıyam. Mükəmməl şəkildə işlənmiş qanun layihəsidir. Azərbaycan Respublikası üçün, kənd təsərrüfatı üçün çox lazımlı olan qanun layihələrindəndir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsi birinci oxunuşda çox rahat keçdi. Kənd təsərrüfatı nazirinin müavini də, idarə rəisləri də iştirak edirlər. Suallar olmadı. Yəqin, suallar ikinci oxunuşda olacaq. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Növbəti iclas barədə sizə xəbər veriləcək. Sağ olun.