25.12.2007 - tarixli iclasın stenoqramı

ffÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  69

Mill Məclisin  iclas  salonu.
25  dekabr  2007-c il.  Saat  12.

Mill Məclis  Sədrinin  birinc müavini
Z. Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.


İclasa dəvət olunmuşlar:

H. Əlixanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini.
M. Ələkbərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Müfəttişliyi rəisinin səlahiyyətlərini icra edən.


 
* * *

S. Dadaşov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Dövlət Xidmətinin rəisi.
A. Əliyev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Dövlət Xidməti rəisinin müavini.
M. Vahabov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idarə rəisi.
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankının şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə.
4. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə.
6. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə.
7. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).
8. Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclis Sədrinin
birinc müavin                                         Z. ƏSGƏROV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

25  dekabr  2007-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçin.

Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 85
Yetərsay 83

Sağ olun, yetərsay var. Gündəlik paylanıb. Keçən dəfə gündəlikdən bir-iki məsələ qalmışdı. İndi ona yeni məsələlər də əlavə olunub. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 96
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyurun, yazılın. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən gündəlikdə olan məsələləri müdafiə edirəm. Sevinirəm ki, axır Təhsil haqqında qanun layihəsi də gündəliyə salınıb.
Məni narahat eləyən bir məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bu günlərdə Beynəlxalq böhran qrupunu Azərbaycanda təmsil eləyən bir qadın Dey.az-a verdiyi açıqlamasında bizə məsləhət görür ki, müharibədən az danışaq, Azərbaycan Respublikasının rəhbərliyinə tövsiyə edək ki, Qarabağı güc yolu ilə azad eləyə biləcəyimizi xalqa deməsin. Əlbəttə, biz bu cür adamların fəaliyyətini qətiyyətlə pisləməliyik və onlara deməliyik ki, Azərbaycan xalqının əsəbləri ilə az oynasınlar, millətimizi az qıcıqlandırsınlar. Bu insanları başa salmağın vaxtı gəlib ki, onlar öz yerlərini, hədlərini bilsinlər.
İkincisi, məsələ qaldırmışdıq ki, bu parlamentdə Qarabağla bağlı müzakirələr aparılsın, müəyyən təkliflərimizi verək. Amma çox təəssüf ki, bu məsələ müzakirə olunmadı. Vaxtilə parlamentin iclaslarında məsələ qaldırmış, demişdik ki, Azərbaycan erməni dilində də radio və televiziya verilişləri ilə efirə çıxmalıdır. Biz mütləq erməni dilində televiziya və radio yayımını təmin etməliyik ki, Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları Azərbaycanın dövlət siyasətinin nədən ibarət olduğunu bilsinlər. Sadə vətəndaşlar bu gün orada böyük bir təbliğat basqısı altındadırlar. Ona görə biz bu istiqamətdə də fəaliyyət göstərməliyik.
Üçüncüsü, Azərbaycan Respublikasının Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Dağlıq Qarabağın da iqtisadi inkişafına dair dövlət proqram işlənib hazırlanmalı və orada göstərilməlidir ki, biz Dağlıq Qarabağı azad eləyəndən sonra oranı necə inkişaf etdirəcəyik. Bu gün Ermənistan rəsmiləri də bəzən sətiraltı formada bunu bildirirlər ki, Azərbaycan hökuməti bununla bağlı öz mövqeyini açıqlasa, ermənilər başqa mövqe seçmiş olarlar. Amma onların hansı məqsədlə deməsindən asılı olmayaraq Azərbaycan hökuməti bu istiqamətdə addım atmalıdır.
Bundan əlavə, biz dəfələrlə bəyan eləmişik ki, Dağlıq Qarabağa geniş muxtariyyət statusu verə bilərik. Bu geniş muxtariyyət statusunun nədən ibarət olmasını müəyyənləşdirən Konstitusiya qanunu layihəsini də hazırlayıb həm beynəlxalq ictimaiyyəti, həm də Dağlıq Qarabağ ermənilərini bu barədə məlumatlandırmalıyıq. Məncə, Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyət göstərməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bu gün seçicilərimin əsasən işıq, qaz və su problemləri ilə bağlı bir neçə məsələni qaldırmaq istəyirəm. İnsanlara kütləvi olaraq qəbzlər gəlir. Bir də görürsən, su idarəsindən ili, ayı göstərilmədən 300, 400, 500 manat məbləğində borclarla bağlı qəbzlər gəlir. Adamları bu borcu ödəməyə məcbur edirlər. Tam özbaşınalıqdır. Bu, artıq kütləvi hal alıb. Hara gedirsən, hansı həyətə girirsən, bununla bağlı narazılıqla qarşılaşır, şikayət eşidirsən.
İkinci məsələ, işıq və qazla bağlı. Keçən dəfə qaz məsələsi ilə bağlı bizim burada söhbətimiz bir qədər məzəli çalar aldı, xeyli gülüşə də səbəb oldu. Amma indi gülməli yox, ağlamalı vəziyyətdir. Mənim yaşadığım 8-ci mikrorayonda, – xeyli millət vəkili də həmin rayonun ərazisində yaşayır, – közərir qaz. Demək olar ki, qaz yoxdur. İşıq hər gün keçir. Səhər keçir, günorta keçir, axşam keçir. Bununla bağlı dəfələrlə müraciət eləmişik, danışmışıq. Bakıda bu məsələni həll eləmək hələ ki, mümkün olmayıb.
Daha bir məsələ ilə bağlı. Bu məsələni Milli Məclisin iclasında qaldırmışdım, bir dəfə demişdim. Bununla bağlı bizim komissiya sədrləri ilə söhbətimiz olmuşdu. Ziyad müəllimlə, Hadi müəllimlə söhbət eləmişdik ki, onlar da Baş nazir qarşısında bu məsələni qaldırsınlar. Bilirsiniz ki, Bakıda sovet dövründə tikilmiş bir neçə eksperimental bina yalnız elektriklə təmin olunub. Belə binalardan bir neçəsi də mənim deputat seçildiyim ərazidə, 8-ci mikrorayon ərazisindədir. Süleyman Sani Axundov küçəsində 3, 3a, 3b nömrəli binalar on iki mərtəbəli, bir bloklu binalardır. 1996-cı ildə Heydər Əliyevin fərmanı ilə onlara 50 faiz güzəşt tətbiq olunmuşdu. Sonradan həmin güzəşt ləğv olunub. Onlarla bir neçə dəfə görüş keçirmişəm. Təsəvvür edin, o evlərdə hər şey ancaq elektrik enerjisi ilə işləyir. Bu adamlar hər ay 200-250 manat işıq pulu ödəməli olurlar. Bu məsələni həll eləmək elə də böyük problem deyil. Bizim komissiya sədrləri bu məsələ ilə bağlı bir daha dəstək versələr, Baş nazirdən bu problemin həllini istəsək... Məncə, Bakıda belə binaların sayı çox deyil, təxminən 30-40-dır. Bu binalara 1996-cı ildən olan güzəşt tətbiq olunsun, yaxud onlara qaz çəkilsin. Bu insanların problemini həll eləmək lazımdır. Orada təqaüdçülər var, onlar 200-250 manatı...
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar! Mən İmişli qum, çınqıl karxanalarının timsalında ölkədə mövcud qanunlara məhəl qoymadan yerin təkinin amansızcasına istismar edilməsindən danışmaq istəyirəm. Məlumat üçün bildirim ki, seçildiyim rayonda hələ sovet dövründə qum, çınqıl çıxarılması rayon fondunu bərbad vəziyyətə qoymuş, münbit torpaqları su dəryaçalarına çevirmişdir. Ölkə müstəqillik əldə etdikdən sonra isə karxana biznesinin ən gəlirli sahə olduğunu bilən bəzi məmurlar kütləvi şəkildə bu rayonun ərazisində karxanalar açmağa başladılar. Bu gün rayonun ən münbit torpaqlarında irili-xırdalı 26 qum, çınqıl karxanası fəaliyyət göstərir və yataqların istismarı vaxtı “Ətraf mühitin mühafizəsi haqqında” və “Təbii sərvətlərdən istifadə haqqında” qanunlar pozulur.
Ən acınacaqlısı isə bu karxanaların tam nəzarətsiz fəaliyyət göstərməsi, səlahiyyətli qurumların, Vergi Müfəttişliyinin, Ekologiya İdarəsinin müdaxiləsindən kənarda qalmasıdır. İstehsal olunan qum, çınqıl iri tonnajlı maşınlarla Bakıya daşınır və təəccüblüdür ki, daşınan qum, çınqılın həcminə sahibkardan başqa heç kim nəzarət etmir. İstismarı tam başlı-başına buraxılan, hazırkı ehtiyatı talanaraq satışa göndərilən qum və çınqılın həcmi heç kəsə məlum deyildir. Qum, çınqıl karxanalarının ödədikləri dağ-mədən vergisi isə kommersiya sirri adı altında gizlədilir və beləliklə, dövlətin milyardları mənimsənilir.
Dövlətə ziyan bununla bitmir. Çıxarılmış qum, çınqıl vaqonlarla, həmçinin yük maşınları ilə birbaşa Bakıya göndərilir. Qum, çınqıl daşıyan maşınların İmişlinin daxili yollarına, eyni zamanda, İmişli-Bakı magistral yoluna vurduğu ziyan ölçüyəgəlməzdir. Ağır tonnajlı maşınlar yolları tam bərbad vəziyyətə salmışdır. Bu gün qoyulan yol 3-4 ay güclə davam gətirir. Əli Bayramlı körpüsü də məhz bu səbəbdən uçmuşdur. Yol çəkmək üçün nə qədər böyük məbləğdə maliyyə sərf edildiyini götürsək, bu işbazların ölkəyə vurduğu ziyanı hesablamaq o qədər də çətin olmaz.
Yerin təkinin belə amansızlıqla talan edilməsi həm də ətraf mühitə ağır zərbə vurur. Dediyim kimi, rayonun əkinə yararlı münbit torpaqları sıradan çıxarılır, ərazi xarabalığa çevrilir. Təbii sərvətin amansızcasına talan edilməsi artıq elə böyük vüsət almışdır ki, rayonda bir kəndin yaxın günlərdə xəritədən silinməsi təhlükəsi yaranmışdır. Qum, çınqılın özbaşına, müvafiq qaydaları pozaraq çıxarılması hətta Araz çayının üzərində salınmış bəndi də uçmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə getsə, çox da uzaq olmayan bir gündə yeni bir faciənin şahidi olacağıq. Şübhə etmirəm ki, Ekologiya Nazirliyi karxanaların gələcəkdə törədə biləcəyi fəsadları nəzərə alaraq təcili tədbirlər görməsə, İmişlinin timsalında qum, çınqıl karxanalarının istismarında müşahidə etdiyimiz özbaşınalıq gec-tez ölkədə ekoloji tarazlığın pozulması...
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən istərdim ki, Milli Məclis rəhbərliyi iki məsələ ilə bağlı mövqeyini ifadə eləsin. Birinci, keçən dəfə mən Bakı şəhəri rayonlarına elektrik enerjisinin verilməsi ilə bağlı limit tətbiq olunması barədə məsələ qaldırmışdım. Bir millət vəkili olaraq hansı idarəyə müraciət edirsən, bunun səbəbi barədə konkret bir cavab ala bilmirsən. Məsələn, mənim seçildiyim Xətai rayonu ərazisində həftədə üç dəfə, II, IV, VI günlər saat 1-dən 5-ə qədər işıqları söndürürlər. Niyə söndürürlər? Kimə müraciət edirsən, qeyri-rəsmi surətdə hamısı deyir ki, limit tətbiq olunub. Nə limitidir bu? Enerji çatışmır? Pulu toplaya bilmirlər, qiymətləri qaldırmayaydılar. Qaldırmısan, əgər hesab edirsən ki, rentabellidir və qiyməti qaldırıb haqqını əhalinin pulu ilə ödəyəcəyin enerjini əhaliyə çatdıra biləcəksən, ödə, camaatın enerjisini ver. Pulunu ödəyən ödəyəcək, ödəməyən də ödəməyəcək. Bu məsələni yoluna qoymaq lazımdır. Nəhayət ki, Milli Məclisin təmsilçilərinin verdiyi sorğuya cavab verilməlidir. Bu məsələyə istərdim münasibət bildirəsiniz.
Biz burada qiymət artımı ilə bağlı məsələlərə dəfələrlə toxunmuşuq. Qarşıdan Yeni il gəlir, Dünya azərbaycanlılarının həmrəyliyi günü gəlir. Çox təəssüf ki, qiymətlər fantastik dərəcədə artır və bunu tənzimləyən mexanizm yoxdur. Heç bir mexanizm bu qiymət artımını tənzimləyə bilmir. Hesablamalara görə, Yeni ildə üç nəfərlik bir ailənin bayram tələbatını ödəmək üçün 50 manat pul lazımdır. Bu çox böyük bir vəsaitdir.
Keçən dəfə burada gələn ilin dövlət büdcəsini müzakirə edəndə minimum əmək haqqını da, yaşayış xərcini də təsdiq elədik. Biz görürük ki, əhalinin aldığı maaşla bu bayramın bir gününü belə yola vermək mümkün deyil. Ona görə mən çox istərdim ki, hansısa bir şəkildə qiymətlərin, heç olmasa, bayramla əlaqədar artımının qarşısını almaq üçün bir mexanizm ortaya qoyulsun. Qiymətləri süni surətdə şişirdən, idxal-ixrac prosesində müəyyən əngəllər yaradan adamlar, heç olmasa, bayram günlərində qiymətlərin tənzimlənməsi üçün bir şərait yaratsınlar. Hökumət bununla bağlı ciddi düşünsün ki, Azərbaycan vətəndaşı, heş olmasa, bu bayramı normal keçirə bilsin. İnsanlar bu qiymət artımından ciddi şəkildə əziyyət çəkirlər. Adam var ki, necə bayram keçirəcəyini heç ağlına gətirə bilmir.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Mən gündəliyə Təhsil haqqında qanun layihəsinin salınmasını müsbət qiymətləndirirəm. Çoxdan gözlənilən qanun idi. Bu sanballı qanun, təbii ki, digər qanunlarda dəyişiklik edilməsinə əsas verəcək. Biz bu qanunu təzələməklə həm də beynəlxalq standartlara yaxınlaşırıq. Bununla əlaqədar bir məsələni qeyd eləmək istəyirəm. Azərbaycan dövləti öz qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2006–2009-cu illər üçün Dövlət Proqramı qəbul edib. Həmin proqramda həm də təhsillə bağlı vergilərin təkmilləşdirilməsi məsələsi var. Mən təklif edirəm ki, Təhsil haqqında qanun layihəsinə baxılan zaman əlavə dəyər vergisinin bilavasitə pullu təhsil sistemindən götürülməsi məsələsinə də baxılsın və bu məsələ həll olunsun. Ona görə ki, bu çox vacib məsələdir. Pullu təhsilin xüsusi çəkisi getdikcə artır. Əlavə dəyər vergisinin götürülməsi, heç olmasa, təhsil haqqını ödəməyənlər üçün yüngüllük olardı.
İkinci məsələ. Mən bu sessiya başlayan zaman qışa hazırlıq məsələsini qaldırmışdım. Prezident Aparatında qışa hazırlıqla bağlı müşavirə keçirildi. Biz bilirik ki, işıq, qaz sahəsində qışa hazırlıq işləri görülüb. Amma bu gün həyat göstərir ki, bu istiqamətdə xeyli dərəcədə problemlər var. Bu problemlərin biri də həmin ərəfədə Şəkidə oldu, bütün şəhərdə qaz kəsildi. Burada deputat həmkarım artıq qeyd elədi. İlin sonunda o qəbzlərdən biri də şəxsən mənə gəlib. Özü də kim yaxşı ödəyirsə, onlara gəlir, məhz səliqə ilə ödəyənlər üçün əlavə qəbzlər gəlir. Bu davam edəcək. Qışın ortasında hansısa şəhərdə qazın kəsilməsi, işığın kəsilməsi tamamilə yolverilməzdir. Evlərdə körpə uşaqlar var, qocalar var, odun tədarükü görməyənlər var. Beləliklə, hesab edirəm ki, biz bu məsələdə birləşib, ilin ortasında hansısa bir şəhərin bütövlükdə qazının, işığının kəsilməsi praktikasına son qoyulması üçün səsimizi qaldırmalıyıq. Kim pul vermirsə, onun işığını kəsmək olar, kim pul verirsə, onun işığı niyə kəsilməlidir? Hesab edirəm ki, qış vaxtı şəhərlərin işığının kəsilməsi praktikasına son qoyulmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlar! Mən istərdim ki, hörmətli Ziyafət müəllim, Sizin rəhbərliyiniz altında bu günlərdə Özbəkistanda seçki prosesinin müşahidəsi ilə bağlı aparılmış səfərlər və görüşlərlə əlaqəli məlumatları həmkarlarımızın və medianın diqqətinə çatdıraq. Mən hörmətli həmkarımız Eldar İbrahimovun da cəmiyyət sədri olaraq bu iki dövlət və xalq arasında münasibətlərin quruculuğunda çox böyük rolunu qeyd eləməyə bilmərəm. Bu səfər dövründə bu özünü hər addımda göstərməkdə idi. Eyni zamanda, Sizin – bu ranqda şəxsin orada seçki prosesinə müşahidə qrupunun rəhbəri kimi qatılmağınız da diqqətin ən mühüm əlaməti kimi götürülməlidir.
Səfər bizim üçün çox baxımdan əhəmiyyətli idi. Birinci növbədə, Özbəkistan türk dünyasının bir parçasıdır, eyni zamanda, biz burada kifayət qədər böyük məlumatlar əldə eləmiş olduq ki, bunun da sonrakı fəaliyyətimizə xeyli təsiri olacaqdır. Məsələn, çoxlarımıza bəlli deyil ki, Özbəkistan Azərbaycanın təkcə ərazi bütövlüyünü deyil, həm də müharibə haqqını tanıyan, o cümlədən bu məsələyə görə Ermənistanın Özbəkistanda səfirlik açmasının qarşısını alan, Ermənistanla diplomatik münasibətlər qurmayan ölkələrdən biridir. Ona görə də, mən hesab edirəm ki, bəzən bizim meydan təsəvvürlərindən irəli gələn başqa cəmiyyətin daxili şərtlərini, idarəçilik qaydalarını təftiş eləməkdən, az qala dünya inqilablarını, demokratik inqilabları törətmək üçün başımıza gələn fikirlərdən bir az uzaqlaşmalı və iki ölkə arasında milli maraqların, ortaq dəyərlərin tapılması üçün addımlar atmalıyıq. Mən hesab edirəm ki, bizim öhdəmizə daha çox bu düşür.
Ziyafət müəllim, ölkəmizin yürütdüyü siyasətə uyğun olaraq, vahid türk maraqlarının, türk dünyasının ortaq niyyətlərinin tapılması üçün orada bizi əhatə eləyən insanlara Sizin fikirlər aşılamağınız, sözlər deməyiniz, ulu öndərə münasibətdə o cəmiyyətdə özünü göstərən xoş münasibət bizim hər birimiz üçün yaxşı əlamətlər idi. Mən hesab eləyirəm ki, bu sahədə ən ciddi vəzifələrimizdən biri bu iki qardaş türk xalqı arasında dil problemlərinin aradan qaldırılması üçün bizim qələm sahiblərinin iş görmələridir. Bizim orada musiqimiz, mahnılarımız, muğamlarımız böyük sevgi ilə qarşılanır. Azərbaycanın klassik musiqisinin orada daha çox tanıdılması üçün də müəyyən işlər görülməlidir. Mən hesab eləyirəm ki, bizim milli maraqlarımıza təsir eləyən bu səfəri hər bir həmkarımız...
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, Ziyafət müəllim. Mən keçən dəfəki təklifimi bir daha təkrar eləyirəm. Hesab eləyirəm ki, sayğac qurulana qədər olan dövr üçün debitor borclar bağışlanmalıdır. Mənə elə gəlir ki, bu işi çox asanlıqla həyata keçirmək olar. Deyək ki, “Azərenerji”nin Dövlət Neft Şirkətinə borcu var, Neft Şirkətinin də dövlətə vergi borcları var. Məncə, bunları qarşılıqlı hesablaşma yolu ilə həll eləmək mümkündür.
Burada səslənən fikirlərə mən də qoşuluram. Xahişimiz və tələbimiz bundan ibarətdir ki, heç olmasa, bayram axşamı və bayram günü respublikanın şəhər və kəndlərində işıqların söndürülməməsi təmin olunsun. Bu çox ciddi məsələdir. Təkrar eləyirəm, bu bizim müvafiq təşkilatlardan həm xahişimiz, həm də tələbimizdir.
Əmək haqqı məsələsi, həqiqətən, ciddi məsələdir. Bir çox adamlar bizə və yəqin ki, digər hörmətli deputatlara da müraciət edirlər. Bayram qabağı təqaüd, pensiya və maaşların, o cümlədən əlavə maaşın verilməsi məsələsini də təcili həll eləmək lazımdır ki, insanlarımız, heç olmasa, müəyyən tələbatlarını ödəyə bilsinlər. İndeksasiya məsələsi neçə illərdir qanunlarda var, amma həyata keçirilmir. Bu həyata keçirilsin.
Hörmətli deputatlar, mən indi bu məişət və kommunal məsələlərdən bəzi siyasi məsələlərə keçməyə bilmərəm. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan” qəzetində “Mənim universitetlərim” yazısı dərc olunmuşdur. Orada, əlbəttə, bizim razılaşmadığımız məqamlar da var, amma sözün doğrusu, diqqət cəlb eləyən maraqlı təkliflər də vardır. Bunlardan biri də Azərbaycanda gələn il normal bir seçkinin keçirilməsi və bunun üçün ictimai razılığın əldə olunması, müqavilənin bağlanması haqqındakı ideyadır. Hesab eləyirəm ki, bu, deklarativ bir söz deyilsə, çox ciddi əhəmiyyət kəsb eləyə bilər. Sərbəst toplaşma azadlığı və Seçki Məcəlləsi haqqında təklif olunan qanun layihələrinin təcili qaydada müzakirə olunması və qəbul edilməsi bu cür bəyanatların, həqiqətən, səmimi olduğu qənaətini yaradardı və cəmiyyətimizdə siyasi ab-havanın xeyli mülayimləşməsinə və müsbət istiqamətdə dəyişməsinə səbəb olardı.
Nəhayət, hörmətli deputatlar, Ziyafət müəllimin sədr olduğu “PKK komissiyası” işləmir. Ona görə biz özümüz ictimai əsaslarla belə bir komissiya yaradırıq. Arzu edənlər və bu sənədin hazırlanmasında iştirak eləmiş deputatlarımız da bu işə qoşula bilərlər.
Sonda bizim jurnalistlərimizə – Eynulla Fətullayevə, Qənimət Zahidə, Rövşən Məmmədliyə və hamısına azadlıq! Təşəkkür eləyirəm.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Məclis! Mən də bir neçə fikrimi çatdırmaq istəyirəm. Doğrudan da, Təhsil qanunu, nəhayət ki, gündəliyə salınıb və bu hökmən vaxtında müzakirə olunmalıdır.
İkincisi, mən də seçicilərimin xahişini çatdırmaq istəyirəm. Masallı, Yardımlı rayonlarından, mənim seçildiyim dairədən mənə dəfələrlə müraciət eləyirlər ki, bu bölgədə qadın həkimlər, tibb bacıları çatışmır və kəndlərdə yaşayan qadınlar hara müraciət eləyəcəklərini bilmirlər. Səkkiz kəndin bir xəstəxanası yoxdur. Bir nəfər qadın həkim də yoxdur. Ona görə də təcili bizim bölgələrdə qadın tibb işçilərinin artırılması haqqında düşünmək lazımdır.
Üçüncüsü, mən bu yaxınlarda Avropa ölkələrində – Hollandiya, İsveç və Almaniyada olmuşam. Orada yaşayan azərbaycanlıların keçirdiyi tədbirlərə bizim səfirliyimizdən bir adam da gəlmir. Məsələn, Hollandiyada soydaşlarımızın 21 azərə həsr olunmuş bir tədbiri var idi. Belçikadan durub gəlirlər. Amma Hollandiyada yaşayan səfirimiz gəlmir. Bu eyni vaxtda Fransada da olmuşdur. Niyə bizim səfirlərimiz xaricdə yaşayan soydaşlarımızın həyatına biganədir? Mən bunu başa düşə bilmirəm.
Bir məsələni də deyim. Mən başa düşmürəm, biz əgər müsəlmanıq, gərək müsəlman kimi yaşayaq, yox xristianıqsa, onda xristian kimi yaşamalıyıq. Azərbaycanın rəsmi dini, bilirsiniz, islam dinidir. Bakının küçələrində bu yolkaları kimlər üçün bəzəyirlər? O yolkalar xristian dünyasının mənəvi aləminin bir hissəsidir, təkcə Yeni il məsələsi deyil. Uşaqlar üçün birini, ikisini bəzəsinlər. Bütün meydanlarda o boyda zəhmət çəkib, əkilən yaşıllıqları məhv eləyib, nə qədər pullar xərcləyib yolka qurmaqla biz təzədən hara qayıdırıq, nə istəyirik? Nəyə lazımdır bu?
Nəhayət, bir məsələni də demək istəyirəm. Mənim bir seçicim dedi, Milli Məclisə bir əhvalatı çatdır. Qurda deyirlər ki, yayda quruyan çayın suyu artıb. Deyir mənə nə? Deyirlər iki dəfə artıb. Deyir mənə nə, onsuz da mən gedib onu ancaq dilimlə yalayıram, içmirəm başqaları kimi. Deyir, bizim camaatımız sizin o artan büdcəni ancaq yalayır. Sosial müdafiəni, heç olmasa, normal təşkil eləsinlər. Heç olmasa, bizə çatan o cüzi vəsaitləri vaxtında versinlər. İşığımızı söndürməsinlər. Mən Bakıda İnqilab küçəsində yaşayıram. İnqilab küçəsində aylıq...
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də gündəliyi dəstəkləyirəm. Mən bu Yeni il ərəfəsində bir sıra məsələlərə toxunmamaq fikrindəyəm. Nə PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı yaratdığımız işçi qrupunun üzvlərinin məlumatı olmadan onun fəaliyyətinin müəmmalı şəkildə dayandırılmasına toxunmaq istəyirəm, nə əhalinin batmış əmanətləri ilə bağlı burada vəd olunan işçi qrupunun yaradılması məsələsinin unudulmasından, nə jurnalistlərin əfvindən, nə “OVİR”də gündən-günə artmaqda olan quyruqların vəziyyətindən, nə də işıq problemindən danışmaq istəyirəm. Yəni bunlar hamısı iqtisadi inkişaf artdıqca əhalinin vəziyyətinin pisləşməsinə aparan açıq görüntülərdir.
Mən ancaq bir şeyi qeyd eləmək istəyirəm. Türkiyədən gəlmiş Arabula qarşı Azərbaycanda bir ildən artıq məhkəmə quruldu. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti Arabulun atasına rəhmət oxuyur. Sabunçu rayonunda işıq yoxdur. Hər gün mən səhər evdən işıqsız çıxıram. Axşam günortadan sonra zəng vururam, deyirlər, üç saatdır işıq yoxdur. Hər gün mən işıq idarəsinə zəng vururam ki, niyə işıq yoxdur? Deyirlər, qabaqlar elektrik yarımstansiyaları çətin vəziyyətə düşəndə köhnə mexanizmi tez işə sala bilirdik. Təzələri işə salmaq bir az çətindir. Onda bu təzələr niyə qoyulub? Niyə dövlətin bu vəsaiti xərclənib bura? Deməli, burada yeyinti var, başqa məsələlər var. Əhali işığın pulunu müntəzəm ödəyirsə, onun işığını kəsməməlisən. Biz hansı cəmiyyətdə yaşayırıq?
Ona görə də mən düşünürəm ki, bu kimi məsələlərə bizim qarışmağımızın, yaxud burada bunları dilə gətirməyimizin bir faydası yoxdur. Bu barədə iradımı, fikrimi bildirmək istəyirəm. Xatırlayırsınızsa, Milli Məclisin ilk sessiyası işə başlayanda, ilk dəfə biz burada bir sıra təkliflər səsləndirəndə Aparatın işçiləri bizə yaxınlaşıb, deyirdilər, hörmətli Sədr göstəriş verib ki, sizin qaldırdığınız təkliflə bağlı məsələ araşdırılsın. Biz görürdük ki, səhiyyə ilə, təhsillə, başqa sahələrlə bağlı qaldırdığımız məsələlər diqqət mərkəzindədir, araşdırılır və məsələyə Aparat tərəfindən reaksiya verilir. Bir müddət keçəndən sonra bu da unuduldu. Millət vəkillərinin sorğularına icra orqanlarının münasibəti bəllidir. Heç olmasa, özümüzün hörmətini, Milli Məclisin nüfuzunu qaldırmaq üçün burada qaldırılan məsələlərə reaksiya verilməsinin müvafiq icra orqanlarından tələb olunması mexanizmini axtarıb tapaq. Bu tapılmışdı. Bunu niyə davam etdirməyək? Mənim əsas iradım budur və hesab eləyirəm ki, bu...
Sədrlik edən. Aydın Həsənov.
A. Həsənov. Ziyafət müəllim, bu yaxınlarda televizorda toy və hüzr mərasimləri ilə əlaqədar çıxış oldu. Ondan sonra mənə çoxlu ərizə və şikayətlər gəlib. Yazırlar ki, elə kasıb var, meyidini aparıb dəfn eləyə bilmir, amma məmur və yaxud vəzifəli şəxsin hüzr mərasiminə minlərlə adam gəlir. Elə bir nemət olmur ki, süfrəyə qoyulmasın. Masalara əlli cür konfet, əlli cür meyvə düzülür. Mənə yazılan məktublarda xahiş olunur ki, buna bir diqqət yetirək, bizim ruhanilər idarəsindən bir adam dəvət eləyək, bu məsələyə aydınlıq gətirsin.
Toy mərasimində hay-küydən oturmaq olmur. Toya 100 nəfər çağırırsan, heç 20 nəfər gəlmir, çünki toydan gedəndən sonra hamısı xəstələnir. O qədər səs verirlər, inanın, iki nəfər oturub bir-biri ilə söhbət eləyə bilmir. O qədər yeməklər tökürlər, ifrat dərəcəsində. Xaricdən bir qonaq gəlmişdi. Mənimlə oturdu, söhbət elədi. Deyir, Aydın müəllim, bu nə məsələdir, niyə siz bu qədər çörəyi çölə tökürsünüz? Əlli cür salatlar verirlər, onun birini də yeyən yoxdur.
Bundan başqa, görürsən, toy və yaxud hüzr mərasimində yüz maşın dal-dala düzülüb gedir. Tıxaclar da elə bundan əmələ gəlir. Qəbiristanlığa hüzr yiyəsi getsin, bir dənə yasin oxutdursun, qayıdıb gəlsin.
Bir az yemək ilə əlaqədar. Yazığın beş nəfər ailə üzvü avtomobil qəzasına düşüb ölüb. Bilmir hüzrü keçirtsin, ya camaatın hayına qalsın, yeməyini təmin eləsin. Buna bir münasibət bildirmək lazımdır. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Mən hesab eləyirəm ki, Siz elə münasibətinizi bildirdiniz. Kifayət qədər də yaxşı bildirdiniz. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də, nəhayət ki, Təhsil haqqında qanunun Milli Məclisin gündəliyinə daxil edilməsini əlamətdar hadisə hesab eləyirəm.
Burada deputat həmkarım Zahid Oruc Sizin rəhbərliyinizlə Özəkistana səfər haqqında çox maraqlı bir məlumat verdi. Bu bizim indiyə qədər Özbəkistan haqqında olan təsəvvürlərimizi, mən deyərdim ki, xeyli dərəcədə zənginləşdirdi. Mən də daha bir ölkə ilə bağlı bu yaxınlarda şahidi olduğum bir hadisəni deputat həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm.
Bu günlərdə bizim universitetdə Misir–Azərbaycan əlaqələrinə həsr olunmuş beynəlxalq simpozium keçirildi. Həmin simpoziumda Qahirə Universitetinin rəsmisi bir maraqlı açıqlama verdi. Bildirdi ki, bu yaxınlarda Ermənistanın Baş naziri Misir Ərəb Respublikasına səfərdə olarkən Qahirə Universitetində də olub və rektorla görüşüb. Bu universitetdə erməni dili və ədəbiyyatı ixtisasının açılması təklifi ilə çıxış eləyib. Qahirə Universitetinin rektoru Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğunu və Qarabağ məsələsi ədalətlə həll olunmayınca Ermənistan tərəfin heç bir təklifinin bu universitetdə qəbul olunmayacağını Ermənistan rəsmisinə qəti şəkildə bəyan eləyib. Ona görə də hesab eləyirəm ki, biz deputatlar və ziyalılar Azərbaycana qarşı ədalətli mövqe nümayiş elətdirən dövlətlərlə əlaqələri bundan sonra daha da inkişaf etdirməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm, hörmətli Ziyafət müəllim. Mən tamam başqa bir mövzudan danışacaqdım. Lakin PKK ilə bağlı o komissiyanın üzvü olduğuma görə istəyirəm bu məsələyə bir münasibət bildirim. Əvvəla, onu deyim ki, komissiyanın iclası keçirilib və komissiyada müzakirələr aparılıb. Kimin vaxtı olmayıb, gəlməyib, iştirak eləməyib, o, həmin insanın problemidir. İkinci bir tərəfdən, Azərbaycan Prezidenti Türkiyənin Prezidenti ilə birlikdə PKK ilə bağlı xüsusi bəyanat imzalayıbdır. Konstitusiyaya görə, Azərbaycan dövlətinin adından danışmaq səlahiyyəti Azərbaycan Prezidentinə verilibdir. Azərbaycan Prezidenti də PKK-nın terrorist təşkilat olması və ona qarşı mübarizədə Azərbaycanın bütün resurslarından istifadə etməsi haqqında bəyanat imzalayıbdır. Bundan sonra nə ictimai komissiya yaradılsın? Kimsə gedib hansısa çayxanada ictimai komissiya yaradıb nəsə eləmək istəyirsə, getsin, eləsin. Rəsmi şəkildə Azərbaycan buna öz mövqeyini bildiribdir.
İkinci bir tərəfdən biz burada terrorun maliyyələşdirilməsinin qarşısının alınması ilə əlaqədar qanun layihəsi qəbul eləmiş və qəti şəkildə bu təşkilatlara öz münasibətimizi bildirmişik. Bundan başqa, biz antiterror koalisiyasının üzvüyük. Terrorizmə qarşı daim mübarizə aparırıq, bununla bağlı beynəlxalq pakta qoşulmuşuq və sair. Mənim başım çıxmır, bundan artıq biz daha nə eləməliyik? Elə hər dəfə kimsə qəzetdə və yaxud jurnalda bir adı çıxsın deyə bu məsələni qaldırır. Şou düzəltməkdən ötrü bu məsələni qaldırmaq nəyə lazımdır? Konkret olaraq, bu məsələyə münasibət bildirilibsə, bundan sonra yaradılan yeni bir komissiya arabanın beşinci təkərindən başqa bir şey deyil. Ona görə də mən hesab eləyirəm ki, bu məsələ artıq həll olunub və bu məsələyə dövlət də öz münasibətini bildirib.
Deputat həmkarlarım burada bir neçə məsələyə toxundular. Bu gün, təbii ki, müəyyən yerlərdə problemlər də var. Müəyyən məsələlər, ola bilsin ki, hansısa məmurun nöqsanı ucbatından lazımi səviyyədə yerinə yetirilmir. Amma bununla yanaşı, hər bir vətəndaşın da borcu var. Hər bir vətəndaş sərf etdiyi elektrik enerjisinin, qazın, suyun pulunu ödəməlidir. Elektrik enerjisi də, qaz da, su da pul ilədir. Dövlətə xüsusi vəsait ilə başa gəlir. Neftin qiyməti bilirsiniz hara gəlib çıxıbdır. Azərbaycan nefti təxminən 94 dollaradır. Yəni bundan qənaətlə istifadə eləmək lazımdır. İstifadə eləyirsənsə, pulunu da ödəməlisən. Artıq bu formalaşmalıdır. Harada sayğacların quraşdırılması başa çatdırılıbsa, orada 100 faiz elektrik enerjisi də var, onun pulu 100 faiz də ödənilib. Kim ki sayğac qoymaq istəmir, təbii ki, bu problemləri yaşayır. Ona görə də mən hesab eləyirəm ki, hər şeyə başqa bir formada baxmaq...
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mənim danışmaq fikrim yox idi. Sadəcə olaraq, həmkarlarım enerji daşıyıcıları ilə bağlı müəyyən məsələləri qaldırdıqlarına görə mən də bu məsələlərə dair münasibətimi bildirmək istəyirəm.
Dörd rayonla da mən bağlıyam. Bu rayonların üçü Bakıdadır. Binəqədi rayonunda yaşayıram, Nərimanov rayonunda iş yerimdir və millət vəkili seçildiyim bölgə də Suraxanı rayonunda Qaraçuxur və Yeni Günəşli zonasıdır. Valideynlərim də Qazax rayonunun dağ kəndində yaşayırlar. Çox maraqlıdır ki, mənim bağlı olduğum rayonlarda işıqla əlaqədar heç bir problem yoxdur. Binəqədi rayonunda nə vaxtsa işığın sönməsi mənim yadıma gəlmir. Burada kimisə müdafiə eləmək məqsədim yoxdur. Sadəcə olaraq, öz gördüklərimi deyirəm. Qaraçuxur, Günəşli bölgəsindən hələ bu günə qədər mənə şikayət gəlməyib ki, işıq, qaz məsələsi problemdir. Sadəcə olaraq, bir vaxt su məsələsi ilə bağlı problem yaranmışdı. Onda da mən aydınlaşdırdım ki, su pullarını ödəmədiklərinə görə müəyyən binaların suyunu kəsiblər. Mən xahiş elədim, su məsələsi müvəqqəti həll olundu. Seçicilərim ilə görüşdüm, onları başa saldım ki, bunların pulu ödənilməlidir. Əgər pul ödənilməsə, bu su idarəsi nə ilə işləyə bilər? Ona görə də həmin məsələ öz həllini tapdı.
Artıq Qaraçuxur və Yeni Günəşli bölgəsində istilik sistemində də heç bir problem yoxdur. Binaların hamısı istilik sistemi ilə təmin olunubdur. İşıq daimidir. Qaz məsələsi indi bir balaca zəif olsa da, həll olunubdur. Nərimanov rayonunda mənim iş yerim yerləşir. İl boyu bütün günü orada oluram. Qaz da normal gəlir, işıq məsələsi də hələ indiyə qədər mən görməmişəm ki, problem olsun. Sadəcə olaraq, nə vaxtsa bir təhlükə, bir qəza olsa, o başqa məsələ.
Mən valideynlərimin yaşadığı rayonla da əlaqə saxlayıram. Dağ kəndidir bizim kəndimiz, Ziyafət müəllim. Zəng eləyirəm, valideynlərimlə əlaqə saxlayıram. Orada da nə işıq, nə qaz problemi var. Bütün günü qaz gəlir, işıq yanır. Ancaq onu sizə deyim ki, insanlarımız işıq pulunu da, qaz pulunu da ödəyirlər. Ödədiklərinə görə heç bir problem yoxdur. Sadəcə olaraq, hər bir millət vəkili öz seçiciləri ilə iş aparmalıdır və onları başa salmalıdır ki, bu, vəsaitlə bağlıdır. Hamı çalışmalıdır ki, vəsaiti ödəsin. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Fərrux müəllim, mən Sizdən çox üzr istəyirəm, bizim vaxtımız başa çatır. Xahiş edirəm, üzürlü hesab edin. Biz bu məsələlərə 37 dəqiqə vaxt sərf etdik. Bir-iki kəlmə demək istəyirəm, hörmətli deputatlar. Burada işıq, qaz, su məsələləri qaldırıldı. Mən axırıncı çıxış edən həmkarlarımın fikirlərini müdafiə etmək istəyirəm. Bilirsiniz, bu həssas məsələdən faydalanıb, burada şou düzəltmək lazım deyil. Dəfələrlə qeyd olunub ki, işıq pulu, qaz pulu ödənilməlidir. Mən özüm də Bakı Şəhər Elektrik Şəbəkəsi ilə, qaz idarələri ilə əlaqə saxlamışam. Bəzi yerlərdə problemlər var və bu, Bakı Şəhər Elektrik Şəbəkəsinin xətti ilə o stansiyaların yenidən qurulması ilə bağlıdır. Amma qaz, su və işıq məsələsində, əsasən, ödəmələrlə bağlı problemlər var. Yəni qazın, suyun, işığın haqqı ödənildiyi yerlərdə qaz, su və işıqla bağlı heç bir problem yoxdur.
Əmək haqqı məsələsi ilə bağlı məsələ qaldırıldı. Dünən cənab Prezident bəyanat verdi, bilirsiniz. Dövlət büdcəmizdə də bu məsələ oturubdur. Gələn il yanvar ayının 1-dən əmək haqları və pensiyalar qaldırılır. Hətta bu azdır. Bilirsiniz ki, hər il biz may ayında büdcəyə yenidən baxırıq. Həmin dövrdə də pensiya və əmək haqlarının yenidən artırılması nəzərdə tutulub. Bilirsiniz, əmək haqqının qaldırılmasının elmi əsasları var. Burada hörmətli iqtisadçılar oturub. Bunu elə birdən-birə götürüb artırmaq olmur. Bu, periodik olmalıdır, əsaslandırılmalıdır. Büdcə də buna imkan verməlidir. İmkan yarandıqca dövlət başçısının sərəncamı ilə bu işlər həyata keçirilir.
Burada Sabir müəllim yeni il qabağı şəhərin bəzədilməsi ilə bağlı məsələ qaldırdı. Sabir müəllim, Siz dünya görmüş adamsınız, xalq şairisiniz. Mən istəməzdim ki, Siz bunu dini məsələ ilə əlaqələndirəsiniz. Biz əgər Yeni ili bayram kimi qəbul ediriksə, – elə bir həftə, bilirsiniz ki, istirahət günləri olacaqdır, – bunun dinlə nə əlaqəsi var? Biz bunu qanunvericilik yolu ilə qəbul etmişik. Bu bizim təqvimdə oturub. Biz 31 dekabrı və 1 yanvarı yeni il kimi qəbul edirik. İndi burada, bilirsiniz, dinlərarası münasibət məsələləri, vallah mən istəməzdim ki, hər halda Sabir müəllimin ağzından çıxsın. Bu qədər.
İcazənizlə, qanun layihəsinin müzakirəsinə keçək. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi, 3-cü oxunuş. Komissiya sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Keçən iclasda Sığorta fəaliyyəti haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edildi və ona dair prinsipial dəyişikliklər təklif olunmadı. Hörmətli Eldar Quliyev və hörmətli İlyas İsmayılov tərəfindən verilmiş bir neçə təklif isə müvafiq icra strukturu ilə razılaşdırılıb, əsasən qəbul edilib. Sizə paylanan son layihədə etdiyimiz bütün dəyişikliklər öz əksini tapıb. Qanun layihəsi barədə millət vəkillərinin dediyi fikirlər, iradlar əsasən nəzərə alınıb və bu dəyişikliklər müvafiq struktur ilə razılaşdırılıb. Xahiş edərdim ki, bu qanuna müsbət münasibət bildirəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Nə təkliflər olacaq? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Hörmətli deputatlar, ikinci məsələ Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqındadır. Təbii ki, Sığorta fəaliyyəti haqqında qanun qəbul edildikdən sonra bu qanuna müvafiq olaraq Mülki Məcəlləyə də müəyyən dəyişikliklər və əlavələr edilməlidir. İndi komissiya sədri hörmətli Əli müəllim bu dəyişikliklərlə sizi tanış edəcək. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Ziyafət müəllim, Siz tamamilə düzgün qeyd etdiniz ki, bu düzəliş məhz “Sığorta fəaliyyəti haqqında” Qanunun qəbulu ilə bağlıdır. Cənab Prezident tərəfindən bu qanun layihəsi bir müddət əvvəl təqdim olunsa da, “Sığorta fəaliyyəti haqqında” Qanunun qəbulunu gözləyirdik və artıq o qəbul olundu. Qısaca demək istəyirəm ki, Mülki Məcəllədə edilən dəyişiklik “Sığorta fəaliyyəti haqqında” Qanunun Mülki Məcəlləyə aid olan hissələrinin köçürülməsindən ibarətdir. Yəni mahiyyət baxımından burada yeni bir şey yoxdur. Ona görə də mən Sizin təklifinizi dəstəkləyirəm və hesab edirəm ki, bu məsələni birbaşa səsə qoymaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Kimin nə təklifi var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki 3-cü məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Bu da yenə artıq üçüncü oxunuşda qəbul etdiyimiz “Sığorta fəaliyyəti haqqında” Qanunla bağlı olan dəyişikliklər və əlavələrdir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Tamamilə haqlısınız, Ziyafət müəllim. Deməli, Sizin dediyiniz kimi, “Sığorta fəaliyyəti haqqında” Qanunda bu qanunun pozulması ilə bağlı inzibati məsuliyyət müəyyən edilib. Ona görə də burada bu hallar konkret olaraq sadalanıb. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatın verilməsi, sığorta növünün qanunsuz aparılması və sair. Yəni “Sığorta fəaliyyəti haqqında” Qanunda müəyyən edilmiş inzibati cəzanın müəyyənləşdirilməsi üçün cənab Prezident tərəfindən bu qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur. Faktiki olaraq bunlar paket sənədlərdir. Ona görə də millət vəkillərindən bu sənədə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Bir dəqiqə, Zahid Orucovun təklifi var. Buyurun.
Z. Orucov. Hörmətli Ziyafət müəllim, mən Əli müəllimin təqdim etdiyi sənədə səs verəcəm, amma təklifim bununla bağlı deyil. Parlamentin sessiyasının başa çatmasını nəzərə alıb mən iki qanunda olan ciddi ziddiyyəti nəzərə çatdırmaq istərdim. Çox istərdim ki, bunu növbəti müzakirələrin birinə daxil edək. Söhbət Konstitusiyanın tələbinin bizim digər qanunvericilik aktlarında nəzərdə tutulmasından gedir. Mən “Daxili qoşunların statusu haqqında” Qanunla “Müdafiə haqqında” Qanun arasındakı ziddiyyəti nəzərdə tuturam.
Sədrlik edən. Təşəkkür edirəm. Bu, başqa bir mövzudur. Xahiş edirəm, gündəlikdəki qanun layihəsi ilə bağlı fikirlərinizi bildirin. Siz deyən məsələni müzakirə edərik, problem yoxdur. Bu qanun layihəsi ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ, olun qəbul edildi.
Gündəlikdəki 4-cü məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Cənab Prezident tərəfindən Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr təqdim olunub. Qısaca onu demək istəyirəm ki, biz bu məsələni müzakirə etmişdik. O zaman müəyyən iradlar olmuşdu. Sonradan biz müvafiq dövlət orqanları ilə bir daha bunu müzakirə etdik. Müəyyən nöqsanlarımız var idi, onları aradan qaldırdıq. Gördüyünüz kimi, cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsində artıq Cinayət-Prosessual Məcəlləsinə də dəyişikliklər və əlavələr nəzərdə tutulur. Burada söhbət cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə görə inzibati məsuliyyətin yox, cinayət məsuliyyətinin müəyyənləşdirilməsindən gedir. Cinayət məsuliyyəti nəzərdə tutulduğuna görə Cinayət-Prosessual Məcəlləsində də bu məsələnin istintaqının aidiyyəti məsələsi də həllini tapmamışdı. Cənab Prezident tərəfindən təqdim olunmuş layihədə artıq bu öz əksini tapmış olur.
Mən qısaca olaraq bir neçə statistik məsələni diqqətinizə çatdırmaq istəyirəm. Keçən dəfə çıxışımda demişdim ki, bir sıra ölkələrdə bu əməl kriminallaşdırılıb, yəni Cinayət Məcəlləsində öz əksini tapıb. Amma eyni zamanda, bizim ölkəmizlə bağlı bir neçə misal çəkmək istəyirəm. Penitensiar müəssisələrdə təkcə 2006-cı ildə 489 qadağan olunmuş əşya götürülmüşdür. Spirtli içkilərlə bağlı 9, narkotik maddələrlə bağlı 30, mobil telefonlarla bağlı 230 fakt qeydə alınmış, 214 ədəd kəsici-deşici alət və sair götürülmüşdür. Hörmətli millət vəkilləri, 2007-ci ildən bu qəbildən olan pozuntuların sayı daha da artmış, belə əşyalar 612 ədəd təşkil etmişdir.
Bir məsələni də qeyd etmək istəyirəm ki, burada söhbət təkcə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına keçirilməsindən getmir. Məsələ burasındadır ki, sonradan bu qanunsuz əşyalarla yeni cinayətlər törədilir. Bu baxımdan, hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsindən müvafiq maddənin çıxarılması və bu əməlin məhz Cinayət Məcəlləsində öz əksini tapması tamamilə düzgün qoyulmuş bir məsələdir.
Bir daha qeyd edirəm ki, bu məsələ burada hərtərəfli işlənilib. 317-1.1-ci maddədə vətəndaşlarla bağlı məsuliyyət nəzərdə tutulur. Amma indi bu qanun layihəsində konkret olaraq müəssisənin əməkdaşları, vəzifəli şəxsləri öz qulluq mövqelərindən istifadə etməklə bu cinayətin törədilməsi üçün şərait yaradarlarsa, onlar üçün də məsuliyyət nəzərdə tutulub. Təbii ki, qulluq mövqeyindən istifadə etməklə törədilən məsuliyyət daha da ağırdır.
Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinin o müddəası faktiki olaraq işləmir və keçən dəfə burada da fikirlər səsləndi ki, sui-istifadə halları yaradılır. Məhz İnzibati Xətalar Məcəlləsinin o müddəaları sui-istifadələr üçün şərait yaratmış olur. Ona görə də, Ziyafət müəllim, mən hesab edirəm ki, bu əməlin ictimai təhlil dərəcəsinin bu gün nə dərəcədə yüksək olmasını nəzərə alaraq məsələ kriminallaşdırılmalıdır və Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilməlidir. Ona görə də mən millət vəkillərindən təqdim olunmuş qanun layihəsini dəstəkləməyi və ona səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Elmira Axundova, buyurun.
E. Axundova. Təşəkkür edirəm. Ziyafət müəllim, mən 317-1.2-ci maddə ilə əlaqədar öz narahatlığımı bildirmək istəyirəm. Biz bilirik ki, son illərdə penitensiar sistemdə islahatlar gedir. Bu həm yerli hüquq müdafiəçiləri, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məhbuslar üçün yeni, daha rahat korpuslar tikilir. Onların güzəranı, tibbi, sosial durumu yaxşılaşır. Bununla yanaşı, inkar etmək olmaz ki, orada neqativ hallar hələ də çoxdur. Mən Əfv məsələləri üzrə komissiyanın üzvü kimi məhbuslardan xeyli sayda məktub almışam. O məktublarda məhbuslar nəzarətçilərin kobud, sərt davranışından şikayətlənir, bəzən işgəncələrdən də yazırlar. Mən demirəm ki, bu şikayətlərin hamısı həqiqətə uyğundur, amma belə faktlar var və az deyil.
Digər tərəfdən, məhbusların əksəriyyəti heç də mələk deyil, ağır cinayətlər törətmiş və bütün dünyadan küsmüş adamlardır. Belə kontingentlə işləmək, onlarla üz-üzə durmaq çox ağır və çətindir. Biz də bunu başa düşürük. İndiyə qədər məhbuslarda qadağan olunmuş əşyalar tapıldıqda onlara cəzaçəkmə müəssisələrində müxtəlif cəzalar verilirdi. Onlar karserə salınırdı və sair. Amma bundan sonra onlar 137-1.2-ci maddəyə görə 6 aydan 2 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Yeri gəlmişkən, demək istərdim ki, bizə paylanan qanun layihəsi ilə kompüterdəki qanun layihəsi bir-birinə uyğun gəlmir. Buna fikir verin. Kompüterdə əks olunan qanun layihəsi daha dəqiqdir və daha qanunauyğundur. Amma mən başa düşürəm ki, bu nədən ibarətdir. Əli müəllim faktlar da gətirdi. Əli müəllim, mən belə başa düşürəm ki, deməli, məhbusların əsas cəzaçəkmə müddətinə bu müddət əlavə oluna bilər. Belədir? Lakin mən millət vəkillərindən soruşmaq istərdim ki, bu maddənin nəzarətçilərin əlində bir vasitəyə çevrilməyəcəyinə kim təminat verə bilər? Kim təminat verə bilər ki, onlar bu maddəni çılğın, özünü düz aparmayan, nəzarətçilərlə daim münaqişədə olan məhbusa qarşı istədikləri kimi işlətməyəcəklər.
Qanunsuz əşyanı, məsələn, narkotik maddəni və ya soyuq silahı məhbusun dolabcasına, çarpayısının altına qoymağa nə var ki? Məhbuslar bütün günü həyətdədirlər və gündüz yataq korpusuna ancaq nəzarətçi girə bilər. Ona görə də istənilən əşyanı məhbusun şəxsi əşyalarının içərisinə asanlıqla qoya bilərlər. Mən demirəm ki, bu kütləvi hal alacaq. Heç kimi şübhə altına almaq istəmirəm, ancaq belə təsadüflər ola bilər. Ona görə də mən bu maddənin qəbul olunmasının zəruriliyinə şübhə ilə yanaşıram.
Penitensiar müəssisələrdə cəza çəkən insanların şəraiti və onlara aid qanunlar getdikcə daha liberal, Avropa standartlarına uyğun olmalıdır və biz buna gedirik. Biz isə, əksinə, mənə elə gəlir ki, bu qanun layihəsi ilə bir addım geri atırıq, daha sərt qanun qəbul etmək istəyirik. Ən əsası da odur ki, bu qanunun qəbul olunması subyektiv amilləri artıra və nəzarətçilərin əlində psixoloji təzyiq vasitəsinə çevrilə bilər. Ona görə də biz bu maddə ətrafında çox ciddi düşünməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu qanun layihəsi ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bildiyiniz kimi, məhkəmə-hüquq sistemində, habelə penitensiar müəssisələrdə islahatlar aparılır. Cəzaçəkmə müəssisələrinin tərbiyə müəssisəsi olması üçün böyük quruculuq işləri həyata keçirilməkdədir. Müzakirə etdiyimiz Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər və əlavələr də bu islahatların bir elementidir.
Birincisi, Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsinin mahiyyətinə toxunaraq onun yaranma səbəblərini qeyd etməliyəm. İlk növbədə cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına texniki və narkotik vasitələrin, alkoqollu içkilərin, soyuq silahın keçirilməsinə görə məsuliyyətin artırılmasına ehtiyac yaranır. Bildiyiniz kimi, məhbuslar texniki vasitələrlə nəzarətsiz informasiya ötürməklə əməliyyat-axtarış və istintaq fəaliyyətinə böyük ziyan vururlar. Narkotik vasitələrin və alkoqollu içkilərin məhbuslara verilməsi halları artıbdır.
İkincisi, ictimai təhlükəli əməlin cinayət və yaxud inzibati hüquq pozuntularına aid edilməsi vacib məsələdir. Qanuna zidd əməl predmetinə və ictimai təhlükəsinə görə cinayət sayılırsa, həmin əməlin İnzibati Xətalar Məcəlləsində saxlanılmasına ehtiyac yoxdur. Cinayət Məcəlləsinə əlavə edilən maddələrin subyektlərini təhlil etsək, görərik ki, 317-1.1-ci maddədə subyektlərin geniş dairəsi nəzərdə tutulur. 317-1.2-ci maddədə cinayət subyektləri kimi vəzifəli şəxslər, cəzaçəkmə müəssisələrinin əməkdaşları, 317-2-ci maddədə isə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslər nəzərdə tutulur. Bu balans nəzərdən keçirdiyimiz kimi, pozuntuları törədə bilən bütün subyektləri əhatə edir. Əməlin İnzibati Xətalar Məcəlləsində saxlanması bir tərəfdən yaradılan hüquqi balansı pozacaq, digər tərəfdən isə əməlin tövsifində sui-istifadə üçün şərait yaradacaq. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər və əlavələr məntiqi xarakter daşıyır və onları qəbul etməyimiz zəruridir. Odur ki, mən hörmətli millət vəkillərini bu qanun layihəsini dəstəkləməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də bu qanun layihəsinə öz münasibətimi bildirmək istəyirəm. Hörmətli Əli müəllim təqdimatında çox aydın şəkildə göstərdi ki, bu gün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi hansı cinayətlərə gətirib çıxarır. Bu cinayətlər də get-gedə artmaqdadır. Ona görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 317.1 və 317.2-ci maddələrin əlavə edilməsini məqsədəuyğun sayıram və deyərdim ki, hələ bu bir az da gecikdirilmişdir. Mən bu əlavə və dəyişiklikləri labüd sayıram və ona səs verəcəyimi bildirirəm. Həmkarlarımdan da bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Bu maddənin əlavə olunması həmin müəssisələrdə çalışan işçilərin məsuliyyətinin artırılmasına gətirib çıxaracaqdır. Onlar bunun cinayət əməli olduğunu nəzərə alaraq, yəqin ki, belə hərəkətlərə yol verməyəcəklər. Mən tam məsuliyyətlə bildirirəm ki, bu gün qadağan olunmuş əşyanın içəri keçirilməsi gələcəkdə böyük cinayətlərə gətirib çıxarır. Həqiqətən də, məsuliyyətin İnzibati Xətalar Məcəlləsindən Cinayət Məcəlləsinə keçməsi bu sahədəki sui-istifadə hallarının qarşısını alacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, biz keçən həftə bu dəyişiklikləri müzakirə edən zaman bir çox arqumentlərlə, fikir ayrılıqları ilə qarşı-qarşıya qaldıq. Həmin gündən indiyə qədər bizə kifayət qədər vaxt ayrıldı ki, bu məsələyə bir daha qayıdaq və həmin dəyişikliklərin mahiyyətinə vara bilək. Mən də bu qanun layihəsinin həm müvafiq qurumlarla müzakirəsində iştirak etmişəm, həm də həmkarlarınla bilavasitə fikir mübadiləsi aparmışam. Belə bir qənaətə gəlmək olur ki, həqiqətən də, bu gün müvafiq qanunvericilikdə ediləcək dəyişikliklərin əhəmiyyəti çox böyükdür.
Bunun həm də məntiqi var. Ona görə ki, bu gün cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi nəticəsində baş verən hadisələr çox ciddidir. Biz bu reallığı qəbul edirik ki, keçirilməsi qadağan olunmuş əşyaların siyahısı müvafiq orqan, konkret olaraq Ədliyyə Nazirliyi tərəfindən əvvəlcədən müəyyənləşdirilir və bu siyahı məhbuslara, onların yaxınlarına əvvəlcədən bildirilir. İndi bizə mütəxəssislər tərəfindən belə bir məlumat verildi ki, hətta görüş zamanı qanunsuz hesab edilən əşyaların keçirilməməsi haqqında iltizam xarakterli öhdəlik alınır. Narahatçılıq var idi ki, bundan müəyyən mənada insanların məlumatı olmaz və bunun ucbatından insanlara cinayət məsuliyyəti tətbiq oluna bilər. Bu iş profilaktik baxımdan əvvəlcədən aradan qaldırılıb, maneçilik aradan götürülüb. Ona görə də bu gün İnzibati Xətalar Məcəlləsindən bu məsuliyyətin götürülüb Cinayət Məcəlləsinə əlavə edilməsi çox məntiqlidir. Digər tərəfdən, bu gün hörmətli Əli müəllim bizim diqqətimizi müəyyən faktlara cəlb etdi və il ərzində baş vermiş bu cür əməllərin sayını bizə təqdim etdi. Bəlli oldu ki, nəticədə məhbuslar tərəfindən ikinci dəfə çox ağır cinayətlər törədilir. Bu cinayətlər, əlbəttə ki, məhz Cinayət Məcəlləsi ilə nizamlanmalıdır və buna görə məsuliyyət daşınmalıdır.
Digər tərəfdən, bu dəyişikliklərin həm də çəkindirici təsiri olacaqdır. İnsanlar əvvəlcədən biləcək ki, bu cür əməllərə görə əvvəllər olduğu kimi, yalnız İnzibati Xətalar Məcəlləsinə görə müəyyən cərimələr deyil, artıq cinayət məsuliyyəti nəzərdə tutulur. Bu baxımdan mən bunu məqbul hesab edirəm.
Burada belə bir fikir səsləndi ki, bu dəyişikliklərdən sui-istifadə ediləcək. Bütövlükdə nəzərə almaq lazımdır ki, insan faktoru olan yerdə həmişə sui-istifadə halları olacaq. Bu ehtimal həmişə var. Bu ehtimal İnzibati Xətalar Məcəlləsinin bu gün qüvvədə olan maddələri ilə də mümkündür və bunu heç kim istisna etmir. Amma fakt ondan ibarətdir ki, bu cür hallar nisbətən azalsın. Sui-istifadə halları ilə bağlı müvafiq qanunvericiliyin digər maddələri var ki, onların çərçivəsində bu hallarla mübarizə aparmaq olar.
Sonda onu demək istəyirəm ki, mən də bu gün penitensiar sistemdə gedən islahatları dəstəkləyirəm və bu barədə məlumatlıyam. Bizim qeyri-hökumət təşkilatları bu işə çox yaxından cəlb olunublar. Onların da ümumi fikirlərini öyrənmişəm. Onların fikirləri bundan ibarətdir ki, bu cür hallar ciddiləşdirilsin, bu cür əməl kriminallaşdırılsın. Hörmətli deputatlar, təklif edirəm ki, müzakirəmizə təqdim olunan bu dəyişikliklərə səs verək və bu qanun qüvvəyə minsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Doğrudan da, bir çox ölkələrin təcrübəsindən də göründüyü kimi, qanunun bir az sərtləşdirilməsi, yəni o maddələrin İnzibati Xətalar Məcəlləsindən Cinayət Məcəlləsinə köçürülməsi vacibdir. Ona görə ki, burada iki əsas amil özünü göstərir.
Bunlardan birincisi, hər bir şəxsin hər hansı bir cəzaçəkmə müəssisəsində islah olunması ilə əlaqədar aparılan işlər, ikincisi, növbəti cinayətlərin törənməməsinin qarşısının alınması ilə bağlı olan məsələlərdən ibarətdir. Ona görə də hesab edirəm ki, qanunun fəlsəfəsində müəyyən məhdudiyyətlər nəzərdə tutulmasına baxmayaraq, bundan sui-istifadə edirsə, artıq orada islah oluna bilməz. Ona ayda bir dəfə telefon rabitəsi ilə danışmağa icazə verilməsinə baxmayaraq, cibində mobil telefon gəzdirirsə, hansı məhdudiyyətlərdən söhbət etmək olar? Deməli, o istədiyi vaxt kiməsə zəng edir, istədiyi vaxtda kiminləsə ünsiyyət saxlayır.
Müəyyən məmulatlardan istifadə hüququ ilə bağlı da bunu demək olar. Müalicə olunmaq üçün islah-əmək müəssisəsinə köçürülən narkoman əgər orada narkotik vasitələrdən asudə, tam təhlükəsiz şəkildə istifadə edirsə, artıq onun sağalıb cəmiyyət üçün lazımi bir insan olmasından söhbət gedə bilməz. Ona görə də məhz bu metodikanın tətbiqi yerindədir.
İkinci tərəfdən, bu tətbiq olunduqdan sonra cəzaçəkmə müəssisəsindəki təbəqələşmə aradan qalxacaq. Birinin pulu var, digərinin yoxdur, amma ikisi də cinayət törədibdir. Biri pul verib lazım olan şeyləri alır, digərinin isə buna imkanı yoxdur. Belə olan halda onların bərabər islah olunmasından söhbət gedə bilməz. Başqa bir tərəfdən isə bu, ailələr üçün problem yaradır. Bir ailənin buna gücü çatır, başqa bir ailə isə bunu edə bilmir. Bu məsələlər də ailələr üçün problem yaradır.
Sonra həmkarlarım da qeyd etdilər, bu, növbəti cinayətlərin törədilməsinin də qarşısını alır. Biz dəfələrlə şahidi olmuşuq ki, şəxsin həbsxanada olmasına baxmayaraq, kənar cinayətlərdə iştirak formaları olubdur. Məhdudiyyətlər olsaydı, bu cinayətləri törətmək mümkün olmazdı.
Hesab edirəm ki, bu dəyişikliklərin ikinci ən əsas cəhəti o sahədə çalışan insanların cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Çünki bu havadan gəlib ora düşmür. Onları həbsxanaya ötürən adamlar var. Məhz həmin adamların məsuliyyətə cəlb olunması ciddi məsələlərdən biridir. Keçmişdə o strukturlarda çalışan insanlar adətən, hərbiçilər, əsgərlər olurdu. İndi insanlar ora işə düzəlməkdən ötrü döymədikləri qapı qoymurlar. Deməli, orada qazanc məqsədi güdülür. Bu qanunun sərtləşdirilməsi onların qeyri-qanuni hərəkətlərinin qarşısını alacaqdır ki, bu da qanunvericiliyin möhkəmlənməsinə, o cümlədən məhbusların düzgün şəkildə islah olunmasına xidmət göstərəcəkdir.
Mən hesab edirəm ki, biz bunu qəbul etməliyik. Vaxt var idi ki, bəzi həbsxanalarda xüsusi kameralar yaratmışdılar və 500-2000 dollar arasında arendaya verirdilər. Korrupsiya üstündə cinayət məsuliyyətinə cəlb olunan adamlar, dövlət əmlakını talan edənlər oğurladıqlarının bir hissəsini onlara verirdilər, orada ağa kimi otururdular. Otaqda soyuducu, televizor, telefon, mobil telefon – hər şey olurdu. Məhz bunların qarşısını almaq üçün bu dəyişikliklər vacibdir. Deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Belə məlum olur ki, biz keçən dəfə komissiyamızın hazırladığı qanun layihəsinə qarşı çıxış etməklə çox pis iş görmüşük, çünki həmin qanun layihəsi daha mükəmməl, daha humanist idi. Məsələn, orada yazılırdı ki, qadağan olunmuş əşyaları gəzdirməyə görə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən bu əməl təkrar törədildikdə onun haqqında cinayət məsuliyyətinə cəlb etmək tədbiri həyata keçirilir.
Burada digər bir məsələ də var idi, o bizim kompüterdəki mətndə var. Qanunla qadağan olunmuş əşyalardan söhbət gedirdi. İndi, ümumiyyətlə, qadağan olunmuş əşyalardan söhbət gedir. Müəyyən icra hakimiyyəti orqanlarının fəaliyyətinin gücünü bilirik, amma sözün açığı, komissiya tərəfindən işlənmək, təkmilləşdirilmək üçün götürülmüş bir qanun layihəsinin bu qədər operativ bir surətdə, eyni məzmunda, lakin daha da sərtləşdirilmiş şəkildə Prezidentin imzası ilə Milli Məclisə 1 həftədən sonra daxil olması faktı mənim üçün birinci dəfədir. Bu məsələlər bizi bu mexanizm üzərində düşünməyə vadar edir. Mən Prezident İlham Əliyevi bu məsələlərdə diqqətli olmağa çağırıram.
İkinci, biz onun üzərində düşünməliyik ki, niyə bu məsələ birdən-birə 15 ildən sonra məlum olur. Hörmətli iqtidar nümayəndələrinin burada dediyi kimi, sabitlik, təhlükəsizlik bərqərar olduqca, sən demə, cəzaçəkmə müəssisələrində və təcridxanalarda vəziyyət daha təhlükəli, daha kriminal olurmuş. Nə isə burada bir məntiqsizlik var, bunun üzərində düşünmək lazımdır.
Mən arzu etmirəm ki, kimsə cəzaçəkmə müəssisəsinə düşsün. Amma adamın başına iş gəlir. Hörmətli Siyavuş müəllim bu məsələyə toxundu, keçən dəfə bunu Qüdrət müəllim də dedi. Hüquq tarixindən, dünya təcrübəsindən məlumdur ki, cəzanın sərtləşdirilməsi heç vaxt həmin cəzaya səbəb olan əməlin aradan qalxmasına əsas olmur, əksinə, bir sıra hallarda əks nəticələrə gətirib çıxarır. Bu yanaşmanın fəlsəfəsi bundan ibarətdir. Bizim Azərbaycan qanunvericiliyi hansı istiqamətdə gedir, hara doğru inkişaf edir, biz bunun üzərində düşünməliyik.
Keçən dəfə biz heç də bəzi məsələlərə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasının əleyhinə çıxış etməmişdik. Mən də, hörmətli Qüdrət müəllim də, Fazil müəllim də çıxış etdik və göstərdik ki, sadəcə olaraq, ictimai təhlükəlilik dərəcəsi az olan məsələlər üçün İnzibati Xətalar Məcəlləsində belə bir cəza nəzərdə tutulur. Mən sizə bunu səmimi deyirəm, bir dəfə təcridxanada mənə gələn 5 kiloluq payı açanda onun içərisindən yuxaya bükülmüş bir məktub çıxdı. Kiçik qızım mənə 3-4 cümləlik məktub yazmışdı. Bu heç qadağan olunmuş əşyadır? Bu heç bir halda cinayət anlayışına uyğun gələn bir nəticəyə səbəb ola bilməzdi. Bütün bu hallar üçün cinayət məsuliyyəti nəzərdə tutmalıyıq?
Mən belə faktların sayını artıra bilərəm, amma indi onların üzərində dayanmaq istəmirəm. Keçən dəfə çıxış edən şəxslər də bunu səsləndirdilər və nəzərə alındı ki, ictimai təhlükəlilik dərəcəsi az olan bəzi hərəkətlərin tövsif olması üçün bu, İnzibati Xətalar Məcəlləsində saxlanılsın. Yəni biz heç də bu məsələnin Cinayət Məcəlləsinə gətirilməsinə qarşı çıxmırdıq.
Xüsusilə nəzərə almaq lazımdır ki, narkotik vasitələr, soyuq və odlu silah, alkoqollu içkilərə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Mobil telefon məsələsi indi ortaya çıxıb. Siz elə bilirsiniz ki, bundan sonra cəzaçəkmə müəssisəsində mobil telefon olmayacaq? Əksinə, çoxalacaqdır və onun haqqı bir qədər də artırılacaqdır.
Mən Elmira xanımın çıxışını dinlədim. Düzdür, mən deyə bilmərəm ki, mənə qarşı sui-istifadə halı olub, amma onu edə bilərlər. Oxuduğum kitabın arasına ülgüc, 1 və 5 manat pul qoyublar ki, sonra qadağan olunmuş əşya adı altında cəza versinlər. Bir dəfə həbsxana rəisi mənə dedi ki, Pənah, mən səni karserə salmalıyam. Dedim ki, sal. O da bir dəfə olub. Amma sizi inandırıram ki, məhbuslara qarşı süni surətdə bəzi hərəkətlərin tətbiq olunmasının və onlardan pul toplanması hallarının artmasının şahidi olacaqsınız. Biz məhz o baxımdan bu məsələni səsləndirdik.
Mən burada səslənən çıxışları dinlədim. Sizə açıq şəkildə deyim ki, bu, hüquqi cəhətdən qüsurlu bir dəyişiklikdir. Yalnız bir icra hakimiyyəti orqanının məqsədəuyğunluq məsələsi ortalığa gəlir. Bu, Cinayət Məcəlləsinin 14-cü maddəsində təsbit olunmuş cinayət anlayışı ilə uyğun gəlməyən bir dəyişiklikdir. Hörmətli hüquqşünaslarımız, mütəxəssislərimiz bunu daha yaxşı bilirlər. Ona görə də mən bu dəyişikliyin əleyhinə səs verəcəyəm. Görünür ki, bu dəyişiklik keçəcəkdir, lakin mən səlahiyyət vermək və nəticəyə nail olmaq imkanı olan vəzifəli şəxsləri bu məsələlərə daha diqqətlə yanaşmağa çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, müzakirəyə təqdim olunan qanun layihəsi xeyli tənqid olundu. Mən isə düşünürəm ki, bu layihə tənqid olunmaqdan daha çox alqışlanmağa layiqdir. Ən azı ona görə ki, bu layihə bu günə qədər cinayət qanunvericiliyində mövcud olan boşluğu, inzibati qanunvericilikdəki hüquqi uyğunsuzluğu aradan qaldırdı.
Cinayət Məcəlləsində odlu silahları, partlayıcı maddələri, döyüş sursatını, soyuq silahları, narkotik maddələri, onların prekursorlarını əldə etməyə, daşımağa, gəzdirməyə, satmağa görə cinayət məsuliyyəti var, amma bu sadaladığım əşyaları cəzaçəkmə müəssisələrinə ötürməyə görə isə cinayət məsuliyyəti yoxdur. Bu, cinayət qanunvericiliyində böyük bir boşluq demək idi. Bunun əvəzində isə İnzibati Xətalar Məcəlləsində 343-cü maddə var idi ki, bu da hüquqi baxımdan qüsurlu idi və hüquq düşüncəsi baxımından çox uyğunsuz bir hal əmələ gəlmişdi.
Sadaladığım bu predmetləri yalnız özündə saxlamağa görə cinayət məsuliyyəti var idi, amma onları azadlıqdan məhrumetmə yerlərinə ötürməyə görə isə inzibati məsuliyyət nəzərdə tutulurdu. Bu hüquqi bir uyğunsuzluq idi. Buna görə də 343-cü maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılır və Cinayət Məcəlləsinə 317-1 və 317-2-ci maddələr əlavə olunur.
Mən bu mövzu ilə bağlı bəzi həmkarlarımın fikirlərinə münasibət bildirmək istəyirəm. Hörmətli həmkarım Pənah Hüseyn dedi ki, bu qanun layihəsi çox gec qəbul olunub. Qanun və cəmiyyət bir-birinə münasibətdə müxtəlifdirlər. Qanun daha konservativdir, cəmiyyət isə daha dinamik inkişaf edən bir qurumdur. Qanun hər bir halda cəmiyyətin inkişaf səviyyəsinə uyğun olmalıdır. Ola bilər ki, 15 il bundan əvvəl bu qanunun qəbul olunmasına bir o qədər də ehtiyac yox idi, çünki qanun cəmiyyətdə mövcud və formalaşmaqda olan ictimai münasibətləri tənzimləyən normativ xarakterli hüquqi aktdır. Bu gün bu qanunun qəbul olunmasına zərurət böyükdür.
Hörmətli həmkarım dedi ki, çörəyin içində məktub ötürülüb. Məktub qadağan olunan əşyaların siyahısına aid deyil. Qadağan olunan əşyaların siyahısı Ədliyyə Nazirliyinin 2004-cü il 24 mart tarixli əmri ilə təsdiq olunmuş siyahıda göstərilib. Orada bu işə baxan yoxdur. O ki qaldı mobil telefonlara, nəzərinizə çatdırım ki, bu gün mobil telefonlarla istənilən cinayəti hətta cəzaçəkmə müəssisəsində belə hazırlayıb həyata keçirmək mümkündür. Düzdür, mobil telefon xeyirxah məqsədlər üçün yaranıb, amma bu gün cinayətin törədilməsində istifadə olunan mühüm bir predmetdir.
Mən Xanlar rayonunda bir hərbçinin “PK” pulemyotunu, 300-dən artıq patronu, bir neçə avtomatı və digər döyüş sursatını götürüb hərbi hissəni tərk etməsi ilə bağlı olan hadisəni yadınıza salmaq istəyirəm. Sözsüz ki, o, hüquq mühafizə orqanları tərəfindən yaxalandı, amma ona həmin cinayəti başlaması üçün komanda mobil telefonuna göndərilən SMS vasitəsi ilə verilmişdi.
Mən istintaq materiallarına əsaslanıb bir məsələni demək istəyirəm, hörmətli həmkarlarım maraqlansalar, buna əmin ola bilərlər. Təkcə 2007-ci ilin 9 ayında cəzaçəkmə müəssisələrinə 264 mobil telefon, 247,7 qram narkotik maddə keçirilib ki, bu da özlüyündə böyük kriminal hadisədir.
Bundan başqa, Elmira xanım və digər həmkarlarım bu sahədə qanunların daha da liberallaşdırılmasından, məhkumların hüquqlarının artırılması istiqamətində qanunların qəbul edilməsindən danışdılar. Amma mən düşünürəm ki, yalnız onların hüquqlarını daha da artıran qanunları qəbul etməklə burada müsbət nəticəyə nail olmaq olmaz. Müsbət nəticəni, ümumiyyətlə, cəmiyyətin inkişafı ilə əldə eləmək olar. Onun üçün bütün insanların hüquqi düşüncəsini, hüquq mədəniyyətini dəyişmək, cəmiyyətdə qanunun aliliyini təmin etmək lazımdır. Qanunların icrasını hər bir şəxsin mənəvi tələbatına çevirmək lazımdır. Yalnız bu halda nəticəyə nail olmaq olar.
Sonra, Cinayət-Prosessual Məcəlləsi ilə bağlı bir fikrimi bildirmək istəyirəm. 317-1.1-ci maddədə bunun subyekti vətəndaşlar olduğuna görə istintaqın Ədliyyə Nazirliyi tərəfindən, 317-1.2-ci maddədə isə bunun subyekti Ədliyyə Nazirliyinin bilavasitə cavabdeh şəxsləri, nəzarətçiləri olduğuna görə, istintaqın prokurorluq orqanları tərəfindən aparılması tamamilə düzgündür. Mən hesab edirəm ki, bu layihənin qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Ən azı ona görə ki, bu, yuxarıda göstərdiyim hüquqi uyğunsuzluğu və cinayət qanunvericiliyindəki boşluğu aradan qaldırır. Ona görə də mən xahiş edirəm ki, bu qanun layihəsinin qəbul edilməsinə səs verək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bu qanun layihəsinin tərəfdarıyam. Biz bu qanun layihəsini komissiyanın iclasında müzakirə etmişik və komissiya bunu yekdilliklə müzakirəyə təqdim edib. Məndən əvvəl çıxış edən həmkarlarımın əksəriyyəti qanunun əleyhinə olan arqumentlərini səsləndirdilər, yalnız bir-iki nəfər qanunun lehinə fikir söylədi. Belə bir sual ortaya çıxır ki, bu qanun kimin əleyhinədir?
Azərbaycan cəmiyyətinin, ümumilikdə, dövlətimizin maraqları baxımından yanaşdıqda, mən hesab edirəm ki, bu qanun dövlətin, cəmiyyətin, ayrı-ayrı fərdlərin maraqlarına uyğundur, eyni zamanda, təsadüfi hadisələrlə əlaqədar cəza çəkən məhbusların xeyrinədir. Bu, yalnız və yalnız cinayətkar aləmin xeyrinə deyil. O cinayətkar aləm ki həm azadlıqda, həm də cəzaçəkmə müəssisələrində olarkən bir virus kimi dağıdıcı proseslə məşğuldur.
Biz bilirik ki, pis əməl keçici olur. Pis əməl cəzaçəkmə müəssisələrində də var. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cəza çəkən, həbsdə olan məhbusların heç də hamısı cinayətkar aləmə yaxın olan adamlar deyil. Cinayətkar aləm nəyin bahasına olursa olsun, cəzaçəkmə müəssisələrinə nəzarəti əlində saxlamağa, cəzaçəkmə müəssisəsindən kənarda bu və ya digər cinayət əməllərini reallaşdırmaq üçün dəstələr yaratmağa və sair əməllər törətməyə çalışır.
Təbii ki, bayaq dediyim kimi, içəridə elə məhbuslar da var ki, islah olunmağa meyillidirlər. Hamımız bilirik ki, cəzaçəkmə müəssisəsində əsas məqsəd insanları islah etməkdir. Bu islah olunmağa meyilli insanları müxtəlif formalarla, “obşak” deyilən vasitə ilə təsir dairəsinə salaraq onlardan cinayət əməllərində istifadə etməyə çalışırlar və bunun üçün də daxildə müxtəlif qanunsuz əşyalara ehtiyac duyulur. Telefondan başlamış tiryəkə qədər hər şeydən istifadə edilir. Təbii ki, belə olan halda cəzaçəkmə müəssisələrində bu cür qadağan olunmuş əşyalardan istifadə olunması kütləvi hal ala bilər. Bu kütləviliyin qarşısını almaq, cinayətkar aləmlə islah olunmağa yönümlü olan çoxluq arasında fərqi aradan qaldırmaq üçün, hesab edirəm, belə bir sərt qanuna ehtiyac var.
Deyəsən, Pənah Hüseyn dedi ki, qanunu sərtləşdirirlər. Qanun sərt olmasa, nəyə və kimə lazımdır? Ta qədimdən, Roma qanunçuluğundan başlamış Napoleonun qanunlarına qədər hamısında sərtlik vardır. Sərt olmayan qanunlar işləməyəcək. Qanun sərt olmasa, həmin o dağıdıcı viruslar sağlam hissəni də özünə tabe edəcək. Ona görə qanun daha da sərtləşdirilməlidir.
Burada bir fikir söylənildi, necə ola bilər ki, həqiqətən, azadlıqda soyuq və odlu silah gəzdirməyə, saxlamağa, satmağa görə Cinayət Məcəlləsində cinayət məsuliyyəti nəzərdə tutulsun, amma cəzaçəkmə müəssisəsində bunlardan istifadəyə görə heç bir cəza verilməsin. Ona görə mən hesab edirəm ki, biz bu qanun layihəsinə səs verməliyik və onu qəbul eləməliyik.
O ki qaldı sui-istifadə hallarına, deyim ki, bunun qarşısını almaq üçün də biz digər qanunları qəbul etməliyik. Mən əminəm ki, sui-istifadə halları, dediyimiz anlayış bir sıra hallarda uydurma ifadədir, çünki sui-istifadə hallarını həyata keçirmək üçün gərək cəzaçəkmə müəssisəsinin sıravi işçisindən tutmuş onun rəisinə qədər hamı əlbir hərəkət eləmiş olsun. Prokurorluq orqanları, Ədliyyə Nazirliyi var və Ədliyyə Nazirliyinin buna xüsusi nəzarət eləyən qurumları var. Mən hesab edirəm ki, hər bir məhbusun da şikayət etmə hüququ var və heç bir halda bu qanundan kimsə sui-istifadə edə bilməyəcək. Əgər kimsə bundan sui-istifadə eləmək istəsə, onun qarşısı alınacaqdır.
Burada Əli Hüseynov statistik rəqəmləri sadaladı. Biz sərt qanunlar qəbul eləməsək, bu cür addımlar atmasaq, cəzaçəkmə müəssisələrindəki cinayətkar ünsürlər öz istədiklərini edə bilərlər.
Burada deyildi ki, guya cəzaçəkmə müəssisələrindəki vəziyyətdən hakimiyyət qorxur və sair. Bu çox gülünc fikirdir. Cəmiyyət, iqtisadiyyat inkişaf etdikcə, yeni texnologiyalar gəldikcə cinayətkar aləm də buna uyğunlaşmağa çalışır. Amerika Birləşmiş Ştatlarında, Fransada, Böyük Britaniyada, qonşu Türkiyədə cəzaçəkmə müəssisələri ilə bağlı onlarca qanun var. Heç bir dövlət cəzaçəkmə müəssisələrində xaotik vəziyyətin yaranmasına imkan vermir və bunun qarşısını vaxtında alır. Hakimiyyət cəzaçəkmə müəssisələri ilə heç vaxt ilgilənmir, bu məsələ dövlətin ayrıca bir qurumunun işidir. Qurum da öz işini kifayət qədər dəqiq şəkildə yerinə yetirə bilir. Ona görə də hesab edirəm ki, bunu siyasiləşdirmək, buna ayrı don geyindirmək cəhdləri də mənasızdır və heç bir tənqidə davam gətirmir. Mən bütün həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram və hesab edirəm ki, bu cür qanunlarla cəmiyyətimizə xeyir vermiş oluruq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, təqdim edilmiş əlavə və dəyişikliklərin tərəfdarı olan hörmətli həmkarlarımın fikirləri ilə tamamilə şərikəm və onları təkrar etmək niyyətində deyiləm. Sadəcə olaraq, diqqətinizə çatdırmaq istəyirəm ki, əslində, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti bu gün cəzaçəkmə müəssisələrində olan vətəndaşlara, soydaşlarımıza humanist bir mövqe nümayiş etdirməkdədir. Niyyət ondan ibarətdir ki, onlar törətdikləri əməllərdən peşman olsunlar, islah edilsinlər və tezliklə cəmiyyətə, öz ailələrinə qovuşsunlar. Əgər cəmiyyətin və dövlətin baxışlar sistemi, ölkə başçısının siyasəti buna yönəlibsə, deməli, bu baxımdan ona mane olan məqamların, amillərin aradan qaldırılması, cəza çəkən vətəndaşların gələcək fəaliyyətinin normal qurulması üçün bu cür qanunların qəbul edilməsinə, heç şübhəsiz, ehtiyac var. Əslində, bu, onların xeyrinədir, ziyanına deyil.
317.1-ci maddə birbaşa cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların, maddələrin və sairin verilməsinə şərait yaradan təcridxana və həbsxana işçilərinin, inzibatçılarının ünvanına yönəlib. Aydın məsələdir ki, həbsxanada cəza çəkən insanlara ailəsi tərəfindən ötürülən əşyalar onlar tərəfindən yoxlanılır, sonra təqdim olunur. Belə olan halda əgər 317.1-ci maddə bilavasitə həbsxana işçilərinə şamil edilirsə, mənə elə gəlir ki, bunu alqışlamaq lazımdır. Burada hər hansı sui-istifadə hallarından danışmağa ehtiyac yoxdur.
Əksinə, mənə elə gəlir ki, qanun daha ciddi şəkildə sərtləşdirilməli idi ki, həmin həbsxana işçiləri nəyinsə hesabına qadağan olunmuş əşyaları məhbuslara ötürməsinlər. 317-2-ci maddədə isə, əslində, əvvəlki maddədən doğan fikirlər əks olunub. Əgər bu əşyalar onlara ötürülməyibsə, ikincilərdə bunun olma ehtimalı son dərəcə aşağıdır. Bu baxımdan 317-1-ci və 317-2-ci maddələr bir-birini tamamlayır. Mən bu məqamı diqqətinizə çatdırmaq istəyirdim. Düşünürəm ki, təqdim olunmuş qanun layihəsi zəruridir və biz buna səs verməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bu qanun layihəsinin müzakirəsində çıxış eləyən hər bir deputat həmkarımın fikrinə böyük hörmətlə yanaşıram. Bu dəyişikliklərlə bağlı söylənilən fikirlərin hamısında böyük məna var. Mən isə həmkarım Elmira xanımın dedikləri ilə şərikəm. Onun qaldırdığı məsələnin dəstəklənməsini və nəzərə alınmasını xahiş edərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən bütün çıxışlara çox diqqətlə qulaq asdım. Keçən dəfə də bu məsələ müzakirə olunanda dostlarımız bu barədə öz mövqelərini bildirmişdilər. Amma çıxışlarda çox qəribə notlar səslənir. Hamı belə fikirləşir ki, kimsə qanundakı dəyişikliklə bağlı mənfi və ya müsbət mənada fikrini ifadə eləyəndə sanki gedib cinayətkarın yanında dayanır. Biz hesab edirik ki, bu gün qanuna təklif etdiyimiz dəyişikliklərlə hüquqi dövlət, şəffaf cəmiyyət qurmaq mümkün deyil. Təklif olunan variant cinayətə, rüşvətə, korrupsiyaya yol açır. Bu, konkret olaraq nədir?
Qanunsuz əşya keçirilməsi ilə bağlı vətəndaşın üzərinə məsuliyyət qoyulması bir halda müəyyən oluna bilər. Təbii ki, qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir. Amma bununla belə, nədən bu məsuliyyət daha ağır maddələrlə, daha sərt şəkildə onu keçirən, onun üçün şərait yaradan müəssisə rəhbərinin, nəzarətçinin üzərinə qoyulmur? Ancaq nə edilir? Qanunu bilməyən, təsadüfi bir vətəndaşa deyəcəklər ki, bunu keçir. Sonra da bildirəcəklər ki, bu, qanunla qadağan olunmuş əşyadır, 5 manat verməsən, haqqında təqdimat yazacağıq ki, sənə cinayət işi qaldırsınlar.
Biz bilirik ki, Azərbaycanda hər bir sahədə bu tipli hadisələr baş verir və hər gün təkrar olunur. Bu günlərdə hörmətli Pənah bəylə maşında gedirdim və sükan arxasında mən əyləşmişdim. Qırmızı işıqda gözlədik, yaşıl işıq yananda hərəkət etdik. Biz işıqforu bir qədər sürətli keçdik və təbii ki, arxadan gələn maşınların sürəti bir qədər yavaş oldu. Dövlət Yol Polisinin əməkdaşı bizim arxamızca düşdü. Haqq-nahaq üzümüzə durdu ki, siz işıqforu qırmızı işıqda keçdiniz. Qaranlıq olduğu üçün maşının içi görünmürdü. Mən dedim ki, biz yaşıl işığın yanmasını gözlədik, sonra hərəkət etdik. Nəhayət, bizi tanıyandan sonra üzr istədi, getdi. Sükanın arxasında sıravi vətəndaş olsaydı, bu məsələ necə həll olunacaqdı?
Dövlət Yol Polisi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləndə də mən bu fikri səsləndirdim. Vətəndaşın haqq-nahaq üzünə dururlar ki, bu belədir. Son anda əsəblərin gərginləşib ona hər hansı bir söz deyəndə hay-küy salır ki, əlavə kömək göndərin, vətəndaş polisə müqavimət göstərir. Sabah həmin hal penitensiar sistemdə təkrarlanmayacaqmı? Şərait yaratmırsınızmı ki, orada insanları şərləyib içəri salsınlar? Niyə məsuliyyəti məmurun üzərinə qoymursunuz? Niyə onlara demirsiniz ki, içəri heç bir halda qanunla qadağan olunmuş hər hansı bir əşya keçirməsinlər. Onlardan soruşulmalıdır ki, niyə vəzifəni yerinə yetirmirsən? Niyə ona deyilmir ki, buradan içəri qeyri-qanuni əşya keçirilsə, sənə 2 il yox, 5 il iş veriləcək? Niyə ona şərait yaradırsınız ki, daha çox vətəndaşın üzərinə getsin, daha çox pul alsın. Çox təəssüf ki, Azərbaycanda son dövrlərdə qəbul olunan qanunların mahiyyəti daha çox buna söykənir.
Qanunun mahiyyəti vətəndaşın hüquqlarını müdafiədir. Cinayətkarlıqla mübarizə cinayətkarlığa qarşı sərt qanunların yox, sərt nəzarət mexanizminin tətbiqi ilə aradan qaldırılır. Hörmətli hüquqşünaslar bunu gözəl bilirlər. Biz isə qanunu sərtləşdiririk. Qanunu sərtləşdirməklə də rüşvətxorluğa, korrupsiyaya yol açırıq, daha çox korrupsiyalaşdırılmış sistem formalaşdırırıq. İmkan yaradırsınız ki, məmur daha çox rüşvət alsın, daha çox sizə bağlı olsun. Təəssüflər olsun ki, məndən əvvəl qanunun mahiyyətini müdafiə eləyən dostlarımız dedilər ki, qanunla qadağan olunmayan filan maddələrdən söhbət gedir.
Qanunla qadağan olunanları gəzdirməyə görə də vətəndaş cinayət məsuliyyəti daşıyır. Mən başa düşmürəm, narkotik maddənin içəri keçirilməsi ilə bağlı məsuliyyətdən danışırsınız. Narkotik maddəni heç içəri keçirməsə də, onu gəzdirməsinə görə vətəndaş cinayət məsuliyyəti daşımır?
Cinayət Məcəlləsinin 128-ci maddəsi qanunsuz silah gəzdirilməsi ilə bağlıdır. Vətəndaşa hansı qanunla icazə verilir ki, sən silah gəzdir, amma onu içəri keçirəcəksənsə, bu, qanunsuz silahdır. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Sadəcə, bu, başqa şeylərə yol açır. Tutaq ki, bir simkartı onun əşyalarının içərisinə atır və sonra deyir ki, simkart tapmışam. Bunu məmur içəri keçirəcəksə, qoy onda o, cinayət məsuliyyəti daşısın. Mən bilməmişəm, ora simkart gətirmişəm, təyyarəyə minərkən özümüzlə yüz dənə qanunla qadağan edilmiş əşya götürürük. Aeroportda nə edirlər? Sadəcə, onu götürürlər, zibil qabına atırlar. Deyirlər, bunu keçirmək olmaz, ya geri qaytarın, ya da baqajla göndərin.
Burada qanunla qadağan olunmuş əşyalardan, telefonlardan danışdılar. Mən telefon gətirmişəm, qanunu da bilmirəm. Lap bilirəm, amma içəri keçirmək, dostuma göndərmək istəyirəm. Götür o telefonu, səni ona görə ora qoyublar ki, bu əşyaları içəri keçirməsinlər. Buna görə dövlət büdcəsindən pul ayrılır, buna görə dövlət sənə məvacib verir. Götür o telefonu və onu gətirənə de ki, bunu içəri keçirmək olmaz, geri aparacaqsan. Səni ora niyə qoyublar? Bax məsələnin mahiyyəti, fəlsəfəsi bundadır.
Cinayətkarlığa şərait yaradılır. O sistemdə çalışan adamlarla cinayət sövdələşməsi buradan başlayacaq. Deyəcəklər ki, bilirsən, dünənə qədər bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə, amma bu gün Cinayət Məcəlləsi ilə tənzimlənir. Bunu gətirmisən, ona görə bu qədər pul verəcəksən, yoxsa səni satacam. Qardaş, qanun qadağan edir, içəri buraxma. Məsuliyyəti o sistemin içərisində olanların üzərinə qoymaq lazımdır. Bu, mahiyyət etibarı ilə bütün sahələrdə vətəndaşın hüquqlarının müdafiəsidir.
Mən çıxışımın sonunda bir daha qeyd edirəm ki, qanunu sərtləşdirməklə cinayətin qarşısını almaq olmaz. Əksinə, bu, cəmiyyəti gərginliyə, rüşvətxorluğa, korrupsiyaya sürükləməkdir. Hesab edirəm ki, bu qanun, bundan əvvəl qeyd etdiyim bu tipli qanunlar rüşvətxorluğa, korrupsiyaya yol açır. Hörmətli millət vəkillərini, bu dəyişikliklərə və əlavələrə səs verməməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu qanun layihəsinə münasibət bildirilərkən sanki belə bir mövqe tutulub ki, kim məhbusa daha artıq dərəcədə humanizm nümayiş etdirəcəksə, o daha artıq dərəcədə humanistdir, onun insanlığa münasibət əmsalı daha böyükdür. Amma kim bu mövqenin əleyhinədirsə, guya onun məhbuslara yazığı gəlmir, onların təzədən cəmiyyətə, azad həyata dönüşünü tanımır. Mən bu mövqeni bəyənmirəm, pisləyirəm. Arqumentlərlə sübut edəcəm ki, niyə belə deyil.
Əvvəla, burada daha çox belə bir mövzu istehlak olunur ki, bu sənəd ölkə başçısının imzası ilə gəldiyi üçün iqtidarı təmsil edənlər nəyin bahasına olursa, guya bu platformada dayanmağa məcburdurlar. Əlbəttə, bizim başqa siyasi qüvvələrdən fərqimiz ondadır ki, biz Prezidentin imzasının birmənalı şəkildə ən mühüm sənədlərə qoyulduğunu, bunların Azərbaycan vətəndaşının maraqlarına söykənən hüquqi aktları olduğunu qəbul edir və onu müdafiə edirik. Yəni bu, kortəbii müdafiə deyil.
İkinci, burada belə bir fikir səsləndi ki, guya hakimiyyət, iqtidar məhbuslardan və həbsxanalardan nəsə bir təhlükə gözləyir və bunun üçün də belə addımlar atır. Bu fikrə cavab verildi ki, bu belə deyil. Əslində, artıq o, azadlıqdan məhrum olunub, real həyatdan təcrid olunaraq başqa bir məkana salınıbdır. Onun cəmiyyətin həyatına təsir imkanları xeyli dərəcədə məhdudlaşıb. Ona görə də onları siyasiləşdirməyin, təşkilati bir qüvvə kimi təsvir etməyin və az qala hakimiyyətin əleyhinə alternativ qüvvə kimi göstərməyin heç bir adı yoxdur.
Burada hüquqi humanizmdən danışıldı. Əvvəla, biz dəfələrlə demişik və deyirik ki, bu dövlət, bu hakimiyyət, onun birinci şəxsi daha artıq dərəcədə humanistdir. Bu özünü dəfələrlə müxtəlif faktlarla sübut edib. Bununla da Prezident hüquqi liberallaşmanın əsas müəllifi kimi çıxış edib. Bax indi paralellər aparaq. Deyirlər ki, Saakaşvili ədliyyə naziri olanda liberallaşmanı penitensiar sistemə tətbiq etdiyi üçün, yəni Avropa dəyərlərini ölkəyə gətirdiyi üçün çox böyük nüfuz qazandı. Bu, cəmiyyətdə ona böyük xallar qazandırdı. Amma bu gün o, dövlət başçısıdır. Dünən baş verənlərə baxın, bunlar sizin gözünüzün qabağında baş verdi. O indi kimi cəzalandırmır ki. Yaxşı, cinayəti törədənlə ona məruz qalanı ayırmasaq və onu təcrid etməsək, onda cəmiyyət yaşayışını necə təmin edə bilər? Mən hesab edirəm, burada hüquqi humanizm o vaxt olar ki, o, balansla təmin olunsun. Yəni təkcə məhbusa deyil, həm də ondan qorunmalı olan cəmiyyətə qarşı da humanist olmalıyıq. Həddindən artıq humanizm növbəti cinayətlərə gətirib çıxara bilər.
Mən ötən dəfə müzakirədə bunu dedim. Kimə sirr deyil ki, məhbus həyatını yaşayaraq müxtəlif avtoritetlərə çevrilmə və müxtəlif miflər yaratma halları mövcud deyil. Bununla əlaqədar xeyli tarixi nümunələr var. İtaliyanı bir az öyrənənlər bunları görə bilərlər. Mən bilirəm ki, orada məhbus dövrü yaşayanların praktikası bizim məhbuslarda yoxdur. Amma bizdə də bu hallar var. Bəli, mən başa düşürəm ki, kimsə zəhləsi getdiyi və ya rəqibi saydığı adamı bu yolla cəzalandıra bilər. Gəlin, bunun qarşısını alan mexanizmləri tapaq, amma deməyək ki, bunlar elə mələkdirlər, növbəti cinayətləri törətməyəcəklər və sair.
Mən, açığı, hörmətli siyasi opponentlərin öz məhbus praktikasından danışmasını yaxşı hal hesab etmirəm. Həmişə istəyirik ki, siyasi dava azadlıq şəraitində keçsin. Mən kiminsə bir əməl törətməsini, gedib məhbus ömrü yaşamasını, sonra oradakı praktikanı emosional şəkildə Milli Məclisin müzakirəsinə daşımasını və hamını bu ovqata kökləməsini istəməzdim.
Hörmətli İqbal müəllimin bir fikrinə qayıtmaq istəyirəm. Deyildi ki, razılaşma ilə qanunsuz əşyanı nəzarətçilərin əli ilə oraya keçirmək mümkündür, gəlin, o cəzanı sərtləşdirək. Sonra, qadağan olunan əşyanın alınması cəhdi məsələsini qeyd etdi. Bu çöldədir, bunu kim isə ona verməyə cəhd edib. Ona da münasibət ifadə olunacaq. Məhbus bunu almayıb, ona nə məsuliyyət düşür ki? Burada söhbət qanunsuz əşyanın hazırlanmasından, saxlanmasından, gəzdirilməsindən və müəyyən əməllərin törədilməsindən gedir. Mən hesab edirəm ki, bu məsələyə bizim münasibətimiz cəmiyyətin həyatının qorunması, təhlükəsizlik şəraiti üçündür. Bu həm də həbsxanalarda olanların hüquqlarının qorunması üçündür. Amma gəlin, bundan sui-istifadə edən nəzarətçilərə qarşı sərt qaydaları nəzərdə tutan əlavə bir maddəni də bura daxil edək. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Təşəkkür edirəm. Zeynəb Xanlarova, buyurun.
Z. Xanlarova. Mənim əzizlərim, mən diqqətlə çıxışlara qulaq asıram, bəzi yoldaşların fikirlərini qəbul etmirəm. Mən Elmira xanımın, İqbal müəllimin, Pənah müəllimin dediklərini qəbul edirəm. Onlar mənim ürəyimdən keçənləri dedilər. Elə bir insan tapılmaz ki, həbsxanaya düşmək ehtimalı olmasın. Hamının ailəsi var. Nə olar ki, onlarda da əl telefonu olanda? Ailəsi ilə, uşağı ilə bir-iki kəlmə danışacaq. Onunla nə demək olar? Elə məhbuslar var ki, əl telefonların-dan istifadə edirlər. Mən o ölkələri saya bilərəm. Orada məhbuslar evləri ilə əl telefonu vasitəsi ilə əlaqə saxlayırlar. Sonra, nə olar ki, yeməyi çox aparanda. Ola bilər ki, yanındakı kasıb bir adamdır. Biz müsəlmanıq, bir çörəyimiz olsa, onu tək yemirik, yan-yörəmizdəki adamlara da təklif edirik. Yemək çox olduğundan imkansız adamlara da verir.
Sədrlik edən. Zeynəb xanım, yeməyin çox olması qadağan deyil. Burada söhbət qanunsuz əşyaların keçirilməyindən gedir.
Z. Xanlarova. Mən başa düşmürəm, niyə sözü düz deyən adamlar müxalifət hesab olunur? Mənim ürəyimdən gələnləri dedilər. Mən də bu sözləri deyə bilərəm, amma istəmirəm ki, onların dediklərini təkrar edim. İnanın, onlar danışdıqca elə bil mənim ürəyimə su səpilirdi. Vallah, mən ürəyimdən gələn sözü deyirəm, bu qanun qəbul olunandan sonra cəzaçəkmə müəssisələrində rüşvətxorluğu daha da artıracaq. Bəlkə seçki ərəfəsində belə bir qanunu qəbul eləməyimi, açığını deyim, bəlkə də bizim əziz Prezidentimizə qarşı mənfi bir hərəkətdir.
Mən istəməzdim ki, tələm-tələsik bu qanunun lehinə səs verək. Bir az da fikirləşmək lazımdır. Fikirləşək. Bu qanunu ortaya çıxaran adam da bir fikirləşsin ki, bəsdir də. Onsuz da rüşvətxorluq dünyanı tutub. İndi deyəcəklər ki, telefon tapmışam, bu qədər verməlisən, yoxsa məsələ başqa cür olacaq. Əlbəttə, mən də həbsxanada silah, narkotik maddə və sair qanunsuz əşyaların olmasının əleyhinəyəm. Ancaq çörək, telefon məsələləri, inanın ki, rüşvətxorluğun artmasına səbəb olacaq. Mən açığını deyirəm, ürəyimdəndir, təsdiqləyirəm. Əgər elə olsa, mən qanun layihəsinin əleyhinə səs verəcəyəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, iclasda Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Hüseyn Əlixanov iştirak edir. İstərdim ki, deyilən irad və təkliflərə o da öz münasibətini bildirsin. Buyurun, Hüseyn müəllim.
H. Əlixanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu məsələyə münasibətinizi geniş şəkildə bildirdiyiniz və böyük əhəmiyyət verdiyiniz üçün mən sizin hamınıza öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hamınıza məlumdur ki, son illər ərzində Ədliyyə Nazirliyi sistemində və eləcə də penitensiar xidmətdə geniş islahatlar aparılmışdır. Xüsusilə də aşkarlıq şəraitində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məhkumlara məhdudiyyətsiz baş çəkməsi, eləcə də mədəni-kütləvi tədbirlərin çoxalması bir ənənə şəklini almışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İdman və Turizm Nazirliyi ilə müvafiq müqavilələr bağlanıb. Demək olar ki, kütləvi tədbirlər hər gün davam edir. Məhkumların saxlanma rejimi tam humanistləşdirilmişdir.
Siz bilirsiniz ki, ədliyyə naziri hörmətli Fikrət müəllimin təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də daxil olduğu 9 nəfərdən ibarət İctimai komitə fəaliyyət göstərir. Komitənin üzvləri hər gün cəzaçəkmə müəssisələrinə baş çəkir, real vəziyyətlə tanış olur və aşkar etdikləri nöqsanları dərhal Ədliyyə Nazirliyinə və eləcə də Penitensiar xidmətin rəhbərliyinə çatdırırlar. Bizim tərəfimizdən də lazımi tədbirlər görülür.
Saxlanma şəraitinin humanistləşdirilməsi ilə yanaşı, şübhəsiz ki, daxili intizam qaydalarına riayət etmək də vacib şərtlərdən biridir. Bizə məlum olduğu kimi, məhkumların hüquqları məhkəmə hökmü və eləcə də daxili intizam qaydaları ilə məhdudlaşdırılır. Məhkumların digər hüquqlardan istifadə etmək haqları da vardır.
Bu qanunun qəbul olunmasının zərurəti nədən irəli gəlir? Bu qanunun 317-1.1-ci maddəsində yazılır ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə verilməsi və ya ötürülməsi. Bu o deməkdir ki, sovqat gətirən şəxs özü bilə-bilə hər hansı bir qadağan olunmuş əşyanı gizlədir və içəriyə ötürülməsini arzu edir. Bunun icra mexanizmi hansı qaydada həyata keçirilir? Birinci, görüş yerində siyahı asılıb və qadağan olunmuş əşyaların siyahısı göstərilib. İkincisi, ona iltizam təqdim olunur. Həmin iltizamda da qadağan olunmuş əşyaların siyahısı verilib. Görüşə gələn şəxs imza atır ki, gətirdiyi sovqatın içərisində qanunsuz əşya yoxdur. Yəni bunu artıq profilaktik tədbir kimi qiymətləndirmək olar. Mənə elə gəlir ki, bu iltizama imza etdikdən sonra çətin ki kimsə belə bir cinayətə sövq etsin.
Mən hörmətli millət vəkillərinə bir neçə misal gətirmək istərdim. Deyirlər ki, qanunlar vəzifəli şəxslərə yönəlmir. Mənə elə gəlir ki, bu, düz deyil. 317-1-ci maddə iki hissədən ibarətdir. Birinci hissədə vətəndaşlar, yəni məhkuma sovqat gətirən şəxslər nəzərdə tutulursa, ikinci hissədə öz qulluq mövqeyindən istifadə edənlər nəzərdə tutulub. Burada “Penitensiar xidmətin əməkdaşından söhbət gedir. Birinci hissədə 2 ilə qədər, ikinci hissədə isə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bundan başqa, əgər o, vəzifəli şəxsdirsə, cinayətlərin məcmusu xarakteri ilə də məsuliyyət daşıya bilər. Yəni vəzifəsindən sui-istifadə edirsə, o, maddələrin məcmusu qaydasında məsuliyyət daşıya bilər. Bu daha ağırlaşdırıcı haldır.
Zahid müəllim qeyd etdi ki, əlavə bir maddənin qəbuluna ehtiyac vardır. Hesab edirəm ki, ümumiyyətlə, öz qulluq mövqeyindən sui-istifadə edən vəzifəli şəxslərin məsuliyyət daşıması üçün kifayət qədər əsaslar və qanunverici orqan tərəfindən qəbul edilmiş tənzimləyici qanunlar var.
Mən icra mexanizmi barədə dedim və eyni zamanda, buradakı fikir ayrılıqlarını təbii qəbul edirəm, çünki hər kəs öz ixtisasını daha yaxşı bilir. Ola bilsin ki, hüquqşünas olmayan şəxslər müəyyən mənalarda yanılırlar.
Mən sizə təcrübəmdə rastlaşdığım bir neçə faktı demək istərdim. Yumurtanın, çörəyin içərisində ülgücün, silahın, meyvənin içərisində isə narkotik vasitələrin keçirilməsi faktları ilə rastlaşmışıq. Söhbət ondan gedir ki, biz inkişaf etdikcə, əlbəttə, cinayətkar üçün metodlar da təkmilləşir. Ona görə də bunlara qarşı cinayət məsuliyyətinin müəyyənləşdirilməsi zərurəti yaranır. Doğrudan da, əməkdaşlar buna məsuliyyət daşımalıdırlar, belə halların qarşısını almalıdırlar. Amma biz bişmiş çörəyi yoxlamağı nəzarətçiyə tapşırsaq, onda çörəkdən çörəklik qalmayacaq. Onu tam açmaq lazımdır ki, ülgücü aşkar edək.
Başqa bir misal deyim. Bu yaxınlarda Qobustandakı həbsxanada dustaqlar kart oynayıblar. Oyun zamanı diş fırçasından kəsici alət kimi istifadə edib 2 nəfəri öldürmüşdülər. Əlbəttə, bu, çox acınacaqlı haldır. Əgər biz hörmətli millət vəkili Zeynəb xanımın dediyi kimi, belə prinsiplə işləmiş olsaq, belə çıxır ki, bütün məhkumları buraxmaq olar. Ona görə də hesab edirəm ki, dövlət var, qanun var, bu məsələlər qanunlarla tənzimlənməlidir. Əlbəttə, bizim əsas məqsədimiz heç də onları cəzalandırmaq, onlara işgəncə vermək deyil, onları tərbiyə, islah etmək, cəmiyyətə qovuşdurmaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Sizdən xahiş edirəm ki, bu qanunun qəbul olunmasına səs verəsiniz.
Sədrlik edən. Təşəkkür edirəm. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Mənim yenidən çıxışa yazılmaq fikrim yox idi, amma məni narahat edən məsələlər oldu. Bu ondan ibarətdir ki, bilərəkdən məsələnin müzakirəsinin yanlışlığa yönəldilməsi cəhdi qanunvericilikdə kifayət qədər təcrübəsi olan insanların da təsir altına düşməsinə səbəb oldu. Bu məni narahat etdi, ona görə fikrimi söyləməliyəm. Hüseyn müəllim burada yaxşı bir fikir söylədi. Əlbəttə, o ona görə məhkumdur ki, azadlıqdan məhrum olunub və biz onları açıb buraxmamalıyıq. Hüseyn müəllim, Siz prokurorluq orqanlarında çalışmısınız və yəqin, yadınızdadır ki, 1992-ci ildə hakimiyyətdə olanlar bu cür də etmişdilər. 1992-ci ildə zorlama, quldurluq, qəsdən adam öldürməyə görə həbs edilən 607 nəfər məhkumu heç bir qərar – əfv, amnistiya olmadan buraxmışdılar. 2000-ci ilin sonlarına qədər o insanların bir çoxu təkrar cinayət törətdilər və axtarışda idilər. Əlbəttə, məhkum olunmuş şəxs də Azərbaycan vətəndaşıdır və onun hüquqları qorunmalıdır, qorunur da. Əgər burada o mövqeyi müdafiə edən millət vəkilləri desəydilər ki, Cəzaların İcrası Məcəlləsində məhkuma ayda bir dəfə yox, iki dəfə telefonla 10 dəqiqəlik danışmaq hüququ verilsin, mən bunu qəbul edərdim. Onu etmədiniz. Amma Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən məhkumların hüquqlarının müdafiəsi ilə bağlı belə bir təklif gələcək.
Ziyafət müəllim və Hüseyn müəllim qeyd etdilər, əks arqument ondan ibarətdir ki, guya kimsə günahsız yerə, təsadüfən məsuliyyətə cəlb olunacaq. Əsla. Hüseyn müəllim qeyd etdi. Kim nə istəyir gətirə bilər, hətta onların içində siyahıda göstərilən qadağan olunmuş mallar da ola bilər. Əgər bu, yoxlamadan gizlədilməklə baş verirsə, onda o ancaq cinayət məsuliyyəti daşıyır. Ola bilər ki, bilməyib və yaxud bilib gətirib. Haşiyə çıxım ki, bunu bilməmək mümkün deyil. Çünki cəzaçəkmə müəssisəsinin qəbul otağında o əşyaların siyahısı asılıb. Ora imza da atırlar ki, bu əşyaları ötürsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. “Bilməyib, buna görə məsuliyyət yoxdur” deyərək millət vəkillərində başqa fikir formalaşdırmaq, məncə, doğru deyil.
Mən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda məhkumların hüquqları qorunur. Bu sahədə, bəli, rüşvət və korrupsiya halları olub. Bir neçə il bundan əvvəl cəzaçəkmə müəssisələrinin rəhbərliyi işdən azad olunub. O sahədə çalışan onlarca işçi məhz rüşvət və korrupsiyaya görə məsuliyyətə cəlb olunub. Bu bizim iradəmizdir, ölkə Prezidentinin iradəsidir. Bir daha bu qanun layihəsini müdafiə edən millət vəkillərinə xüsusi təşəkkürümü bildirirəm ki, onlar çox sağlam, hüquqi, məntiqi mövqedən çıxış etdilər. Ziyafət müəllim, xahiş edirəm, qanun layihəsini səsə qoyasınız. Onu da deyim ki, keçən dəfə bu layihəni geri götürməyimin səbəbi o idi ki, məhz bu cür təsir altında olan mövqe var idi. Çox sevinirəm ki, bu müzakirə zamanı parlamentdə daha obyektiv mövqenin olduğu üzə çıxdı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.


(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Sağ olun. Növbəti məsələ “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi haqqındadır. Komissiya sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, 2001-ci il 29 iyun tarixli qanunla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə dəyişiklik edilmişdir. O cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “əmək məzuniyyətinin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar” adlanan 135-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuşdur ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş günü üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş qaydada kompensasiyası ödənilir. Bu, əmək qanunvericiliyində öz əksini tapmış müddəadır, amma məcəllənin 6-cı maddəsində birbaşa göstərilib ki, bu məsələ məhkəmə hakimiyyətinə şamil olunmur. Məhz bu məsələni həll etmək baxımından Milli Məclisə cənab Prezident tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanuna bir düzəlişi əks etdirən qanun layihəsi təqdim olunmuşdur.
Ədalət mühakiməsini həyata keçirən hakimlərin də iş həcminin böyük olması ona gətirib çıxarır ki, çox zaman onlar da məzuniyyət hüquqlarından istifadə etmirlər. “Hakim illik məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin il üçün istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir” – anlayışı bu kiçik ədalətsizliyi aradan qaldırmış olar. Faktiki olaraq, məhkəmə hakimiyyətindən başqa bütün sahələrdə dövlət qulluğunda çalışanlar üçün bu var idi. Elə bilirəm ki, edilən düzəlişə səs verməklə, biz ədalət mühakiməsinin sosial təminatının möhkəmləndirilməsi yönümündə növbəti addım atmış olarıq. Çox sağ olun.
Sədrlik edən. Mən də hesab edirəm ki, tamamilə ədalətli bir qanun layihəsidir. Əgər etiraz yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.05 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Qanun layihəsi 3 komissiyada – Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və Aqrar siyasət daimi komissiyalarında müzakirə olunub. Elton müəllim, buyurun.
E. Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım və qonaqlar! Qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdiyimiz Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi qüvvədə olan iki qanuna və iki məcəlləyə əlavələr və dəyişikliklərin edilməsini nəzərdə tutur.
Son dövrlərdə bütün sahələr üzrə, o cümlədən ətraf mühit və təbii ehtiyatlar sahəsində qanunlarını Avropa hüququna uyğunlaşdıran ölkəmiz yeni qanunlar qəbul edir, qüvvədə olan bir çox qanunlarımızda Avropa standartlarına uyğun əlavələr və dəyişikliklər aparır. Belə qanunlardan biri də bu ilin may ayında “İstehsalat və məişət tullantıları haqqında” Qanuna dəyişiklik və əlavə edilməsi barədə” adı ilə qəbul edilmişdir. Biz sizinlə qüvvədə olan qanunda 30-dan artıq dəyişiklik etmiş, sənədə altı yeni maddə əlavə etmişik. Son zamanlar dəyişiklikləri sahənin bir neçə digər qanunlarında da etmişik. Əsas məqsəd dəyişiklik aparılan qanunların müvafiq mətnlərinin digər mövcud hüquqi aktların müddəaları ilə uzlaşmasını və uyğunlaşmasını təmin etməkdir. Maddələrində dəyişiklik edilən birinci qanunvericilik aktı Su Məcəlləsidir. Məcəllənin “Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması“ adlanan 84-cü maddəsinin birinci hissəsindən altıncı abzas çıxarılır, onu yeni, daha geniş redaksiyada verilmiş beşinci abzas əvəz edir. Məntiqi olaraq yerdəyişmə təklif olunur ki, bu da hörmətli Eldar müəllimin rəhbərliyi ilə Aqrar siyasət daimi komissiyasında və bizim komissiyamızda müzakirə olunmuşdur. Ümumi rəyimiz birdir və Milli Məclisə tövsiyə edilir. Xahiş edirəm, hörmətli həmkarlarımız bu dəyişikliyə dəstək versinlər.
“Yerin təki haqqında” Qanunda “Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər” adlanan 21-ci maddəsinə “qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda” sözləri əvəzinə “qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yaratdığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə” ifadəsinin verilməsi təklif olunur.
13-cü abzasda “içməli, yaxud sənayenin su təchizatı üçün istifadə edilən sututarlarda və yeraltı sular yayılan yerlərdə” ifadəsi “çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində” sözləri ilə əvəz edilir ki, bu da qanundakı uyğunsuzluğu aradan götürür.
Digər dəyişiklik “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda edilibdir. 36-cı və 40-cı maddələrdə “zərərli tullantılar” ifadəsi işlədilmişdir. Nəzərə alsaq ki, bütün növ tullantılar bu və ya digər dərəcədə zərərlidirlər, bu baxımdan hər iki mətndə getmiş “zərərli” sözünün çıxarılması məqsədəmüvafiq hesab edilir. Ümumilikdə, “tullantı” sözünün özü geniş məfhumdur və mahiyyəti tam əhatə edir. İnzibati Xətalar Məcəlləsindəki dəyişiklik, yəni 104.1-ci maddənin dispozisiyasının yeni redaksiyada verilməsi də eyni məna kəsb edir. Bu haqda hörmətli komissiya sədri, həmkarım Əli müəllim, əlbəttə, məlumat verəcəkdir. Bizim və Aqrar siyasət daimi komissiyasının Milli Məclisə tövsiyə olunan rəyi bundan ibarətdir. Hörmətli həmkarlarımdan qeyd etdiyim bu məqamları nəzərə alaraq, qanun layihəsinə səs vermələrini rica edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Eldar müəllim, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Sağ olun, hörmətli Ziyafət müəllim. Mən yeganə onu demək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında edilən dəyişiklik, Elton müəllimin dediyi kimi, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara, o cümlədən Su Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlıdır. Yəni başqa bir dəyişiklik yoxdur, dispozisiyaya yeni anlayışlar köçürülüb. Hesab edirəm ki, səs verib, qəbul etmək olar.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Çox sağ olun. Mən də əlavə və dəyişikliklərlə əlaqədar bir məsələni istəyirəm aydınlaşdıraq.
Bizdə son vaxtlar vətəndaş bilgisizliyi, yaxud da məlumatsızlığı üzərində müəyyən maddələrin, normativ aktların qəbul olunması tendensiyası bir az güclənməkdədir. Məsələn, burada “yeraltı suların, təsərrüfat və içməli sututarların olduğu ərazilərdə...” ifadəsi mücərrəd bir anlayışdır. Hansı ərazilərin bura aid olduğunu vətəndaşın müəyyən etməsi mümkün deyil. Qanunda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hansısa təyinetmə işarəsi ilə göstərilən, müəyyən bir zolağa, hasara alınan ərazilərə zibilin tullanmasından, tullantıların qoyulmasından söhbət getməlidir. Onsuz da indi əhalinin məişət tullantıları ilə bağlı çox ciddi problemləri var. Rayonların ərazisində bütün torpaqlar, hətta zibilliklər də satılıb və ona görə insanlar çox ciddi əziyyət çəkirlər. Haranın sututar, haranın yeraltı suların mənbəyi olmasını təyin etmək mümkün deyil.
İstərdim ki, təklif etdiyimiz dəyişikliyin mümkünlüyünə baxılsın. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağalar, ya işarələr qoyulduğu təqdirdə belə tullantıların atılması faktı, hərəkəti müəyyən edilərsə, məsuliyyətə cəlb olunsun. Yoxsa, “Sən tullantını niyə filan yerə atırsan?” məsuliyyətini vətəndaşın, yaxud hüquqi şəxsin üzərinə atmaq doğru deyil. Başqa bir yer göstərilməyibsə, o, yeraltı suyun mənbəyini haradan müəyyən etməli, bilməlidir ki, bura sututar, yaxud içməli suların çıxdığı məkandır. Bu baxımdan fikrimi aydınlaşdırmağa ehtiyac var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Elton müəllim, buyurun.
E. Məmmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən sualına görə hörmətli həmkarım Fazil müəllimə minnətdaram. Qeyd etdiyim kimi, qüvvədə olan qanunlarda əlavə və dəyişiklik etməklə “zərərli tullantı” ifadəsindən “zərərli” sözünü çıxarır, “tullantı” sözünü qüvvədə saxlayırıq. Fazil müəllimin müvafiq icra hakimiyyətlərinin işi ilə bağlı qeyd etdiyi məsələ isə qanunun mövzusu deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Mən də hörmətli həmkarım Fazil müəllimin fikirlərinə aydınlıq gətirmək istərdim. Onun dediyi düzgün məsələdir. O baxımdan məsələ aydın deyil ki, 84-cü maddəyə əlavə və dəyişiklik verilir, lakin onun açılışı, təəssüf ki, yoxdur. Mənim həmkarlarım onu aydınlaşdıra bilmirlər ki, bu məsələyə icazə var, ya yoxdur. Qanuna dair arayışda, Su Məcəlləsinin 84-cü maddəsindəki dəyişikliklə əlaqədar son abzasda həmin fikir nəzərdə tutulub, mən onu oxumaq istəyirəm: “Su obyektlərinə tullantı sularının axıdılmasına bu Məcəllənin 77-79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər”. Qanuna əlavə və dəyişiklik bizə daxil olanda elə bir aydınlıq gətirilmədiyinə görə o məsələ deputat həmkarlarıma məlum deyil.
Sədrlik edən. Aydındır, çox sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi ikinci oxunuşda. Komissiya sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Rəqabət mübarizəsinin tarixi qədim olsa da, onun qanun şəklində qəbulu 120 il əvvələ təsadüf edir. Amerika Birləşmiş Ştatlarında “Şerman” adlanan qanun qəbul edilmişdir. Bundan sonra digər ölkələr də bu təcrübədən istifadə etməyə başlamışlar. Antiinhisar qanunvericiliyimiz uzun bir tarixi yol keçmiş, inhisarla mübarizənin metod və prinsipləri inkişaf etmiş və təkmilləşmişdir. Bu dövr ərzində rəqabət özünü yeni formalarda əks etdirməyə başlamışdır. Bütün bunların nəticəsində artıq beynəlxalq rəqabətin tənzimlənməsi problemi aktuallaşmışdır.
Müzakirəyə təqdim olunan Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi təqribən bir il əvvəl birinci oxunuşda qəbul edilmişdir. Bu müddət ərzində Milli Məclisin İqtisadi siyasət daimi komissiyası, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi və müvafiq dövlət orqanlarının nümayəndələrindən yaradılmış işçi qrupu layihə üzərində əsaslı iş aparmış, müzakirələr keçirmiş və onu ikinci oxunuşa hazırlamışdır. Siz layihənin əsas mətninə əlavə kimi hazırlanmış variantda sənədə edilmiş dəyişiklikləri əyani şəkildə görə bilərsiniz. Bu, həmin dəyişikliklər barəsində tam müzakirə aparılmasına zəruri şərait yaradır.
Bir daha vurğulamaq istəyirəm ki, Rəqabət Məcəlləsi layihəsinin ciddi müzakirəsi, qəbulu həm iqtisadiyyat, həm də cəmiyyət üçün əsaslı əhəmiyyət kəsb edir. İnhisarçılıq və haqsız rəqabətlə mübarizənin daha təkmil formada aparılması respublika Prezidenti tərəfindən xüsusilə qeyd olunmuşdur. Müzakirə prosesində İqtisadi siyasət daimi komissiyasının üzvləri, deputatlar Azər Əmiraslanov, Xanhüseyn Kazımlı, Səttar Möhbalıyev, Əhəd Əhmədov, Nazim Məmmədov rəqabət orqanının müstəqilliyinin artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı tədbirlər mexanizminin daha kəsərli olması istiqamətində dəyişikliklər edilməsi barədə təkliflər vermişlər.
Məlumat üçün bildirim ki, layihə bir daha aidiyyəti nazirlik və komitələrə, beynəlxalq iqtisadi təşkilatlara, təbii inhisar subyektlərinə, iri inhisarçı müəssisələrə, sahibkarların ictimai birliklərinə və ekspertlərə rəyə göndərilmişdir. Alınmış rəylər diqqətlə öyrənilmiş, verilən təkliflər bu və ya digər formada nəzərə alınmışdır. Biz layihənin müzakirəsində fəal iştirak edərək onun barəsində rəy və təkliflər hazırlamış hər kəsə minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin sizin diqqətinizə təqdim olunan layihəsi 18 fəsildən və 82 maddədən ibarətdir. Birinci oxunuşla müqayisədə 1 fəsil, 15 maddə azaldılmışdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, digər qanunvericilik sənədlərində əks olunmuş maddələr qısaldılmış, məzmunca yaxın olan bir sıra müddəalar isə birləşdirilmiş və təkmilləşdirilmişdir. Milli Məclisin deputatları tərəfindən və çoxsaylı rəylərdə verilən təkliflər nəzərə alınmaqla bütün maddələrdə redaktə xarakterli dəyişikliklər də edilmişdir. Mən indi yalnız məcəllə layihəsinin ikinci oxunuşa hazırlanması zamanı edilmiş əhəmiyyətli dəyişikliklərin üzərində dayanmaq istəyirəm. Bütün dəyişikliklər məcəllənin məzmun və təcrübi əhəmiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır. Birinci oxunuşda təqdim olunmuş layihədən qısaldılan və çıxarılan maddələr, əsasən, rəqabət orqanının işinin təşkilinə və onun əməkdaşlarının təminatlarına aiddir. Eyni zamanda, məsələlərin Dövlət qulluğu haqqında və digər qanunvericilik aktlarında öz həllini tapması təmin edilmişdir.
Birinci oxunuşda deputatların səsləndirdikləri təkliflərlə əlaqədar yeni layihədə bəzi əlavələrin əksini tapması məqsədəuyğun hesab edilmişdir. Mən son dövrlərdə qanunvericilik sahəsində və iqtisadiyyatda sizə məlum olan əsaslı dəyişikliklərin hər birinin üzərində ayrıca dayanmaq istəməsəm də, onların bəzilərini burada qeyd etməyi lazım bilirəm. Rəqabət Məcəlləsinin tətbiq dairəsinə aid müddəalar müxtəlif maddələrdən götürülərək 1-ci maddədə və 4-cü maddədə cəmlənmişdir. Birinci oxunuşda olan 1-ci və 3-cü maddələr 2-ci maddəyə birləşdirilərək verilmişdir. 4-cü maddədə bir çox anlayışlar başqa qanunvericilik sənədlərində öz əksini tapdığı və ya ayrıca maddə kimi verildiyi üçün çıxarılmış, məcəllə üçün xüsusi əhəmiyyət daşıyan anlayışlar saxlanılmışdır. Nəticədə ikinci oxunuşda 37 anlayış əvəzinə 23 anlayış barədə məlumat verilmişdir.
Birinci oxunuşun 3 və 5-ci maddələrində rəqabət orqanları barəsində olan müddəaların yeni variantı redaktə edilərək 5-ci maddədə verilmişdir. 7-ci maddə birinci oxunuşda 9-cu maddədə olan 2 bəndin çıxarılması və qalan bəndlərin redaktəsi ilə formalaşmışdır. 10-11-ci maddələr birləşdirilərək 8-ci maddə – Rəqabət orqanının əsas vəzifələri kimi verilmişdir. Bu maddələrdən istehlakçıların hüquqları ilə bağlı bəndlər çıxarılmışdır. 9-cu maddə birinci oxunuşda olan 12-ci maddədəki müddəaları əhatə edir və əhəmiyyətli dərəcədə redaktə olunmuşdur.
III fəsildə rəqabət sahəsində bazar subyektlərinin vəzifə və hüquqları barədə olan 11-ci və 12-ci maddələr birinci oxunuşdakı 15 və 16-cı maddələrin müddəalarını əhatə edir ki, bu da respublika Prezidentinin 2006-cı il 28 dekabr tarixli fərmanı ilə əlaqədardır. Bazar subyektlərinin razılaşdırılmış hərəkətlərini əhatə edən müddəalar müasir dövrdə vacib əhəmiyyətinə görə seçildiyi və rəqabət qanunvericiliyinin mahiyyət daşıyıcısı olduğu nəzərə alınaraq, ayrıca, 13-cü maddə kimi verilmişdir. 17-ci maddədə hökmran mövqe ilə bağlı bəndlər yenidən işlənmiş və bu mövqe üçün parametrlər və meyarlar daha müfəssəl işlənilmişdir. 23-cü maddədə təbii inhisara aid edilən fəaliyyət sahələrinin siyahısına “magistral və ümumi əhəmiyyətli avtomobil yollarının, yol, qurğu və tikililərinin istismarı”, həmçinin “istilik təchizatı və kommunal xidmətləri” əlavə edilmişdir.
IX fəsildən birinci oxunuşda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı 38-ci maddə bütövlükdə çıxarılmışdır. X fəsildə bir sıra dəyişikliklər edilmişdir. Burada 38.1-ci maddə rəqabət qanunvericiliyinin pozulmasının məsuliyyətə səbəb olan halları müəyyənləşdirilmişdir. 41-ci maddədə rəqabət orqanının reklam qanunvericiliyinin pozulması hallarında tətbiq etməli olduğu cərimə və sanksiyalar saxlanılmış, yenidən işlənmiş, istehlakçıların hüquqlarının pozulması ilə bağlı məsuliyyət tədbirləri çıxarılmışdır. “Əmtəə və maliyyə bazarlarının monitorinqi” adlanan 48-ci maddə qısaldılmışdır.
Komissiyada müzakirələr zamanı monitorinqlərin, təhqiqat və analizlərin bazarda rəqabətin vəziyyətinin müəyyən edilməsində və antiinhisar siyasətinin hazırlanmasında əhəmiyyətli rolunu nəzərə alaraq, bu maddənin təkmilləşdirilməsinin vacib olduğu qeyd edilmişdir. İkinci oxunuş üçün təqdim olunan layihənin XIII fəslindən sonrakı hissə birinci oxunuşdan əsaslı struktur dəyişiklikləri ilə fərqlənir. Məcəllədə məntiqi ardıcıllığın gözlənilməsi məqsədi ilə birinci oxunuşda 13 və 14-cü fəsillərə aid edilən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılmasında iştirak edən şəxslərə etirazlar və işə baxılması üzrə sübutlar sonraya keçirilmişdir. Buna uyğun olaraq, birinci oxunuşda 15-18-ci fəsillərə daxil edilmiş rəqabət qanunvericiliyinin pozulması haqqında işlərin araşdırılması barədə müddəalar 13-16-cı fəsillərdə verilmişdir.
Burada bir məsələni mütləq qeyd etməyə ehtiyac var ki, XV fəsildən başlayaraq fəsillərin nömrələnməsi səhvən birinci oxunuşda olduğu kimi verilmişdir. Bütövlükdə götürdükdə 13-14-cü fəsilləri əhatə edən 50-67-ci maddələrdə mahiyyətcə yox, redaktə xarakterli dəyişikliklər edilmişdir. Həm XV fəsildə Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılmasında iştirak edən şəxslərə etirazlara dair 68-69-cu maddələrdə, həm də XVI fəsildə həmin işlərin araşdırılması və baxılması üzrə sübutlar barəsində olan 70-75-ci maddələrdə bir sıra redaktə xarakterli düzəlişlər edilmişdir. Çıxarılan müddəalar Dövlət qulluğu haqqında və Normativ hüquqi aktlar haqqında və əmək qanunvericiliyində öz əksini tapdığı üçün həmin qanunvericilik sənədlərinə istinad olunmuşdur.
Təqdim olunan layihə müəyyən qədər təkmilləşdirilsə də, onun məzmununun yaxşılaşdırılması imkanlarından hələ də tam istifadə olunmamışdır. Ümumdünya Ticarət Təşkilatı və Avropa İttifaqına daxil olmaq perspektivlərinin bizdən qanunvericiliyin dünya təcrübəsi və Avropa İttifaqı qanunvericiliyi çərçivəsində olmasını, təbii ki, milli maraqlar gözlənilməklə, tələb etdiyini, Azərbaycan hökumətinin bu istiqamətdə Memorandumu imzaladığını nəzərə alsaq, bu cür təkmilləşdirmənin aktuallığı aydın olar.
Bildiyiniz kimi, məcəllə layihəsinin hazırlanmasından və Milli Məclisə təqdim olunmasından xeyli vaxt ötmüşdür. Bunun özü də bir sıra məsələlərə dünyada və iqtisadiyyat sahəsində baş vermiş dəyişikliklərin müstəvisindən baxmağımıza və onu məcəllədə nəzərə almağımıza əsas verir. Qeyd etmək istəyirəm ki, İqtisadi siyasət daimi komissiyasının iclasında müvafiq dövlət orqanları, sahibkarların və istehlakçıların ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə məsələ ətrafında çox konstruktiv müzakirələr aparılmışdır. İşçi qrupu Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük və Qiymətli Kağızlar üzrə Dövlət komitələrinin və Milli Bankın təklifləri üzrə layihədə bir sıra dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etmişdir.
Müzakirənizə təqdim etmək istədiyimiz məcəllə layihəsində xüsusi hissə göstərilmədiyi üçün dördüncü fəsildən əvvəl “xüsusi hissə” sözləri əlavə edilmişdir. 4-cü maddədə əmtəə və rəqabəti məhdudlaşdıran hallar anlayışının verilməsi, dünya praktikasına uyğun olaraq, əmtəə anlayışında mal və xidmətlərin nəzərdə tutulduğu bildirilməlidir. “İnhisar mənfəəti” anlayışının isə daha dəqiqləşdirilməsi təklif olunur. 8 və 9-cu maddələrdə rəqabət orqanının reklam qanunvericiliyi ilə əlaqədar vəzifə və hüquqları daha dəqiq göstərilməlidir. 17.3.4-cü maddədə “qiymətli kağızları idarəedənin” sözlərinin “qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının” ifadəsində verilməsi təklif edilmişdir.
Qanunazidd fəaliyyətin həcminin müəyyən edilməsi ilə bağlı 38-41-ci maddələrdə “dövriyyə” əvəzinə “ümumi gəlir” anlayışından istifadə olunması, maliyyə sanksiyalarının həcmi müəyyən edilərkən məcburi ödənişlərin həcminin nəzərə alınması təklif olunmuşdur. Maliyyə sanksiyaları və cərimələri hesablanarkən şərti vahid kimi qəbul edilməsi məbləği də dəqiqləşdirilməlidir. Birləşmələrə nəzarətlə əlaqədar rəqabət orqanından razılıq alınması barədə müraciət edilməsi halları meyarlarının məcəllədə dəqiqləşməsi təklif olunmuşdur.
Müzakirəsi vacib olan məsələlərdən biri də bank fəaliyyətinə antiinhisar nəzarətinin həyata keçirilməsi mexanizmi ilə əlaqədardır. İşçi qrupu belə nəzarətin və yoxlamaların 30-cu maddəyə uyğun həyata keçirilməsini məqsədəuyğun sayır. Bununla belə, layihədə bu orqanların birlikdə fəaliyyətinin mexanizmi daha yaxşı işlənməlidir. 51-ci maddədə rəqabət orqanının banklarda müstəqil yoxlamaları məhkəmənin qərarı ilə aparması təklif olunmuşdur. Məcəllənin 23.1.9-cu maddəsində “ümumi istifadədə olan elektrik və poçt rabitəsi” sözlərinin “ümumi istifadədə olan telekommunikasiya və poçt rabitəsi məfhumları” kimi verilməsi təklif edilir.
Hörmətli millət vəkilləri! Mən səmimiyyətlə bildirmək istəyirəm ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi gələcəkdə Azərbaycanın sosial-iqtisadi cəhətdən davamlı inkişafı, dünya bazarında rəqabətli iqtisadiyyatı ilə tanınması üçün çox vacibdir. Mən adlarını çəkdiyim, müzakirə prosesində çoxlu təkliflər verən iqtisadi strukturların nümayəndələrinə, onların bəziləri burada əyləşiblər, bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən əminəm ki, millət vəkillərinin bugünkü müzakirədə verəcəkləri təkliflər, şübhəsiz ki, Milli Məclisin gələcəkdə çox keyfiyyətli bir Rəqabət Məcəlləsini qəbul etməsinə imkan yaradacaqdır. Mən çox xahiş edərdim ki, millət vəkilləri bizim ikinci oxunuşa çıxartdığımız bu məsələyə müsbət münasibət bildirsinlər və dəyərli təklifləri ilə qanun layihəsinin daha da təkmilləşməsi üçün əməklərini əsirgəməsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun Ziyad müəllim. Qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 70
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 1
İştirak edir 75
Yetərsay yoxdur

Yetərsay yoxdur. Bəli, xahiş edirəm, dəvət eləyin deputatları. Deməli, hörmətli deputatlar, fürsətdən istifadə edib bir məsələni istəyirəm sizinlə məsləhətləşək. Bu, həcm etibarı ilə geniş, 18 fəsildən ibarət bir qanun layihəsidir. Necə bilirsiniz, biz bunu fəsil-fəsil, yoxsa bütövlükdə müzakirə edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda bütövlükdə müzakirə eləyirik, səsverməni də fəsillər üzrə apararıq. Yaxşı, oldu. Buyurun, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 90
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi. Sağ olun.
Müzakirəyə başlamazdan əvvəl, hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, Rəqabət Məcəlləsi layihəsinin müzakirəsi ilə əlaqədar bu gün bizim iclasımızda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Milli Bankın məsul nümayəndələri iştirak eləyirlər. Əgər suallar olsa, onlara da müraciət edə bilərsiniz. İndi isə müzakirəyə başlayırıq. Elmira xanım bu gün, deyəsən, çox fəaldır. Buyurun, Elmira xanım.
E. Axundova. Mən bir təkliflə çıxış etmək istəyərdim. O ki qaldı qanuna, Rəqabət Məcəlləsini dünən oxudum, çox əhatəli işlənmişdir, onun qəbul olunması günün tələbinə uyğundur. Ümidvar olmaq istərdik ki, bu qanunun tətbiqi gələcəkdə inhisarçılığı, qeyri-sağlam rəqabəti qismən də olsa aradan qaldıracaq.
Ümumiyyətlə, Ziyafət müəllim, bir şeyi qeyd eləmək istəyirəm ki, biz hüquq müstəvisində çox dəyərli qanunlar qəbul edir, amma onların xalqa, ictimaiyyətə, sahibkarlara çatdırılması prosesi barədə nədənsə düşünmürük. Xüsusən rayonlarda yerli sahibkarlarla söhbət edəndə mən görürəm ki, onlar çox vaxt Milli Məclis tərəfindən qəbul edilmiş bu kimi qanunlardan xəbərdar deyillər. Bu da onların məmurlarla münasibətini xeyli çətinləşdirir. Ona görə mən təklif edərdim ki, bizim mətbəəmiz var, ən vacib qanunlar, məsələn, Rəqabət Məcəlləsi, Təhsil haqqında Qanun kitabça şəklində çap edilib deputatlara paylanılsın, biz də onları köməkçilər vasitəsi ilə rayonlarda sahibkarlara verək, yerli camaatı bu sahədə maarifləndirə bilək. İndi bütün rayonlarda, bilirsiniz ki, deputatların otaqları açılır. Qəbul etdiyimiz qanunlar orada mütləq olmalıdır.
İkinci təklifim ondan ibarətdir ki, bir vacib qanun qəbul olunandan sonra biz yerlərdə mütləq ya dəyirmi masa, ya da seminarlar keçirək. Belə seminarlara Milli Məclisin müvafiq şöbələrində işləyən və bu qanunların hazırlanmasında iştirak edən mütəxəssisləri də cəlb edə bilərik. Bizim işimiz burada təkcə qanunu qəbul etməklə bitmir. Biz qanunlar barədə cəmiyyətə məlumat verməli, onların işləməsinə nail olmalıyıq. Qanunvericilik sahəsində əhalini maarifləndirmək bizim işimizin bir yoludur.
Sədrlik edən. Təşəkkür eləyirəm, Elmira xanım. Doğrudan da, hüquqi maarifləndirmə işini, mən hesab eləyirəm ki, gücləndirmək lazımdır. Amma nəzərinizə çatdırım ki, bizim qəbul etdiyimiz bütün qanunlar rəsmi qəzetlərdə dərc olunur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm, mən Sizi anladım, dərc olunur və qəzetlər də rayonlara çatdırılır. Sonradan, mən şəxsən maraqlanmışam, bilirəm ki, müxtəlif nəşriyyatlar qanunları kitabça şəklində kifayət qədər çap eləyirlər. Ola bilsin, həmin kitabçalar rayonlara o qədər də yaxşı çatdırılmır. Düşünürəm ki, buna da diqqət yetirmək olar. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Əvvəlcə onu qeyd eləyim ki, bu, qəbul olunası ən sanballı qanunlardan biridir və doğrudan da, Azərbaycanın bütövlükdə rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq. Birinci variantla bu qanun layihəsinin müqayisəsi açıq formada göstərir ki, birinci oxunuşdan sonrakı dövrdə çox səmərəli iş görülüb, iradların əksəriyyəti nəzərə alınıbdır. Ona görə də bu sahədə çalışan əlaqədar hökumət təşkilatlarına, ilk növbədə Milli Məclisin müvafiq komissiyasına, Milli Məclis Aparatının müvafiq şöbəsinə təşəkkür eləyirəm. İkinci, bu qanun layihəsi keçmiş sovet və MDB məkanında qəbul olunan qanunlarla müqayisədə daha sanballıdır. Məsələn, Rusiyanın qanunu 29 maddədən ibarətdir, yalnız əmtəə bazarını əhatə eləyir. Qazaxıstanın qanunu da cəmi 9 maddədən ibarətdir, o da əmtəə bazarını əhatə edir. Bu qanun isə həm əmtəə, həm də maliyyə bazarını əhatə elədiyinə görə daha genişdir. Arzu eləyərdim ki, gələcəkdə əgər söhbət məcəllədən, antiinhisar fəaliyyətindən gedirsə, burada əmtəə və maliyyə bazarı ilə yanaşı, intellektual mülkiyyət, o cümlədən ekoloji və təbii ehtiyatlardan istifadə sahəsində antiinhisar tənzimləmə məsələləri də öz əksini tapsın və biz tamamilə unikal bir sənədi ortaya qoya bilək.
Mən Azərbaycanda olmadığıma görə komissiyanın iclasında iştirak eləyə bilməmişəm. Ona görə də hörmətli Ziyad müəllimin komissiyanın iclasında dediyi, ümumiləşdirdiyi təkliflərlə yanaşı, bəzi digər təklifləri də burada nəzərə çatdırmaq istəyərdim. İlk növbədə, onu qeyd eləmək istəyirəm ki, bu məcəlləni işləyib hazırlayan zaman təkcə beynəlxalq aləmdə olan təcrübəni yox, Azərbaycanın özünün də təcrübəsini nəzərə almaq lazımdır. Bu gün Azərbaycan üçün ciddi xarakter daşıyan bir sıra məqamların qanunvericilik formasında həlli bu məcəllədə öz əksini tapmalıdır.
Bunlardan biri süni inhisarçılıqdır, bu, Azərbaycan iqtisadiyyatının sürətli, hərtərəfli inkişafına, həqiqətən, çox mane olur. İkinci, alver xarakterli pullar, doğrudan da, Azərbaycanın valyuta dövriyyəsinə ciddi zərbə vurur. Üçüncü, süni qiymətlərdir. Bax bu üç məsələ Rəqabət Məcəlləsində mütləq nəzərə alınmalıdır. Ona görə mən təkliflərimi müəyyən maddələr üzrə də ikinci oxunuşun tələblərinə uyğun surətdə nəzərə çatdırmaq istəyirəm. Bu məzmunda ikinci maddəyə, eyni zamanda, 2.2.5-ci maddədən sonra istənilən yerə süni inhisarçılığın aradan qaldırılması məsələsini, hesab eləyirəm ki, əlavə etsək, çox yerinə düşər.
Sonra, bu məcəllə layihəsində müəyyən məhdudiyyətlər qoyulmaqla, ayrı-ayrı anlayışların açılışı verilibdir. Əsas anlayışlarda həmin mövqedən çıxış eləyərək, hər halda iki yeni məfhumun da əlavə edilməsini məqsədəuyğun bilirəm. Birinci, inhisarçı yüksək qiymətlərdən Azərbaycan çox ziyan çəkir. Biz hər an bununla qarşılaşırıq və Azərbaycanda qiymətlərin artmasına onun ciddi təsiri vardır. İkinci, inhisarçı aşağı qiymətlərdir. 15.4-cü maddədə öz əksini tapdığına görə bunun açılışının da əsas anlayışların siyahısında verilməsini məqsədəuyğun hesab eləyirəm. Məsələn, pambıqçılıqda, tütünçülükdə və bir sıra sahələrdə inhisarçı aşağı qiymətlər Azərbaycan iqtisadiyyatının sürətli inkişafına və o sahələrin inkişafına çox ciddi ziyan vurur. Beşinci maddədə, hesab eləyirəm ki, antiinhisar siyasətini həyata keçirən orqanın statusunun verilməsinə böyük ehtiyac var.
Bir sıra ölkələrdə olduğu kimi, biz də istəyirik ki, bu, sözün həqiqi mənasında, çox güclü fəaliyyət göstərən bir orqan olsun. Eyni zamanda, 6.1.7-ci maddədə həmin antiinhisar fəaliyyəti ilə məşğul olan orqanın aşkarlıq və şəffaflıq şəraitində fəaliyyət göstərməsi əsas prinsip kimi öz əksini tapırsa, burada da parlament və ictimai nəzarət mexanizminin olması vacibdir. Ona görə də mən istərdim bir maddədə, xüsusən beşinci maddədə bu məsələ öz əksini tapsın və qeyd olunsun ki, həmin rəqabət orqanı Azərbaycan Respublikasının Prezidentinə tabedir və Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verir. Əgər belə olsa, onda aşkarlığın təmin olunması istiqamətində irəliyə doğru daha bir faydalı addım atacağıq. Belə bir orqanın yaranması ilə, korrupsiya xarakterli məqamlardan yan keçməklə bu sahədə səmərəli iş şəraiti yarada bilərik.
15.3-cü maddəyə diqqət yetirək: “Hər birinin müvafiq əmtəə bazarındakı payı 20 faizdən çox olmayan təsərrüfat subyektləri arasında “şaquli” müqavilələr bağlana bilər”. Biz 35 faizi əsas götürürüksə, onda bu, əgər 20 faizdən aşağı, yəni 19,9 olanda 38 faizdən çox olur. İki birləşmə heç vaxt monopoliyanı aradan qaldıra bilməz. Odur ki, birləşmə zamanı həmin rəqəmin 35 faizdən yüksək olmasının tərəfdarıyam. Həmin ziddiyyətin aradan qaldırılması ümumi işin xeyrinə olar.
18.3.1-ci maddədə qeyd edilir ki, bazar subyektinin qiymətli kağızlar şəklində buraxdığı nizamnamə kapitalının 50 faizdən çoxuna sahib olur. Hörmətli Ziyafət müəllim, özünüz də yaxşı bilirsiniz, yəqin ki, bunu demək artıqdır. 50 faizdən aşağı, 10 faiz, 12 faiz qiymətli kağıza sahib olmaqla da nəzarət-səhm paketini əldə eləmək olar. Bu maddənin arxasında məhz gizli inhisarçılıq gizlənir. Ona görə də hesab edirəm ki, burada həmin 50 faizin əvəzinə nəzarət-səhm paketinə sahib olmaq məsələsi öz əksini tapsa, inhisarçılıqdan sui-istifadə edilməsinin qarşısı xeyli dərəcədə alınmış olar. Keçirəm IX fəsillə bağlı sanksiyalara. Dünya təcrübəsində sanksiyalar 3 cür – cərimə və müsadirə, cərimə və həbs, bir də zərərçəkənin ziyanının ödənilməsi formasında olur. Burada cərimələr verilibdir həbslə bağlı müəyyən məqamlar var. Məsələn, inkişaf etmiş ölkələrin özündə – ABŞ-da, Kanadada, Almaniyada, Yaponiyada 3-5 ilə qədər maksimum həbs cəzası nəzərdə tutulub. Təbii ki, bu sanksiyaların tətbiq edilməsi zaman-zaman formalaşacaq. Burada sanksiyalar göstərilən məqamlar, meyarlar nöqteyi-nəzərdən bir qədər beynəlxalq təcrübədən fərqlənir. Həm də bəzi ölkələrin təcrübəsində olsa da, ikili, üçlü meyarlar olur. Məsələn, biz yenə də burada minimum əmək haqqının hansısa misillərindən danışırıq.
Əgər minimum əmək haqqının hansısa misilləri yaxşı göstərici olsaydı, o təkcə Rusiya, Meksikada yox, bunlardan kənarda da inkişaf etmiş ölkələrə yayılardı. Əgər yalnız Rusiya, Meksika bunu tətbiq edirsə, məsələn, Avropa Birliyinin inkişaf etmiş ölkələri, əsasən, gəlirlərlə bağlı həmin dövriyyənin 10 faizi miqdarında olan göstəricilərlə çıxış edir. Hesab edirəm ki, biz də məhz həmin göstəricilərdən çıxış edə bilərik. Bir də illər üzrə burada göstərilir ki, “minimum əmək haqqının 50 mislindən 20 mislinə qədər”. Yaxşı olmazmı ki, birini 2500 manat, o birini də 1 milyon manat yazaq? Azərbaycanın yeni manatı niyə burada öz əksini tapmasın? Axı, beynəlxalq aləmdə də bu məsələ çoxdan vardır, bizdə də ona uyğun şəkildə verilsə, fikir öz həllini daha aydın şəkildə tapar. Bir il müddəti çox düzgün hesablanılıb. Bu müddət nə qədər çox uzadılsa, yenə 1 milyon manatdan artıq cərimə verməyəcəklər. Xarici ölkələrdə bir ildən artıq olanda üstünə 50 faiz də gəlir, beş ildən sonra isə hər ilə görə 10 faiz artır. Hesab edirəm ki, bu məsələnin qanun layihəsində öz əksini tapması məqsədəuyğundur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. İlyas İsmayılov, buyurun.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən ədalət naminə ilk növbədə bu layihəni işləyib hazırlayanların böyük əməyini qeyd etmək istəyirəm. Onlar həm iqtisadiyyat, həm hüquq, həm də qanunvericilik sahəsində dərin bilik nümayiş etdiriblər, bizim müzakirəmizə ciddi bir layihə təqdim ediblər. Sağ olsunlar.
Ancaq onu da qeyd etmək istəyirəm ki, layihə ilə tanış olanda insan ilk növbədə birmənalı fikrə gələ bilmir. Bir tərəfdən keçmiş “Qosplan”ın hüququndan da geniş hüquqlara malik olan böyük bir orqan – rəqabət orqanı ortaya çıxır. Bu orqandan Milli Bankın, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin səlahiyyətləri arasında vəzifələr necə bölünəcək? Onların da nəzarət funksiyaları var və bu orqanın ortaya çıxması müəyyən dərəcədə bazar iqtisadiyyatının inzibati amirlik üsul-idarəsinə gətirib çıxaracaq.
Digər tərəfdən başqa bir fikir də meydana çıxır ki, bu qanunun məğzi inhisara qarşı yönəlib. Bununla bağlı mən qısaca tarixə ekskurs etmək istəyirəm. Yadınızdadırsa, İkinci dünya müharibəsindən sonra Almaniya, İtaliya və Yaponiya çox pis hala düşmüşdülər. İtaliyanı, Almaniyanı o vaxtlar Amerikanın dövlət katibi və müdafiə naziri olmuş Marşalın planı, Yaponiyanı isə Amerika iqtisadçısı Dodyunun variantı əsasında inkişaf etdirdilər. Onların planlarında ilk yerdə inhisarçılığın ləğvi dururdu.
Mən bu qanunun qəbul olunmasına tərəfdaram, ancaq deyilən fikirlərin də nəzərə alınmasını istərdim. İnhisarçılıq Azərbaycanın bütün ictimai-siyasi həyatında bəlaya çevrilib. İnhisarçılıq insanların hüquq və azadlıqlarını pozur, onların təşəbbüslərini boğur. İnhisarçılıq insanları kasıblaşdırır, var-dövlətin bir qrup insanların, korrupsiyaya uğramış insanların əllərində cəmləşməsinə səbəb olur. Buna görə də mən belə bir qanunun qəbul olunmasına tərəfdaram. Ancaq qanun layihəsinin redaktə, qanunvericilik texnikası xarakterli çox böyük dəyişikliklərə ehtiyacı var.
İlk növbədə nə demək istərdim? 3.2-ci maddədə göstərilir ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsi istisna olmaqla, digər qanunvericilik aktlarına rəqabət siyasətinin həyata keçirilməsi ilə bağlı müddəalar daxil edilə bilməz”. Mən hesab edirəm ki, burada Mülki Məcəllə nəzərdə tutulmalıdır, çünki rəqabət siyasətinin məqsədlərindən biri azad sahibkarlıq və sağlam rəqabətə əlverişli şərait yaratmaqdır. Bu həm də Mülki Məcəllənin məqsəd və vəzifələrindən biridir. Mülki Məcəllənin 560-cı maddəsində hüquqdan sui-istifadənin qadağan edilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, bu mənada Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi ilə yanaşı, Mülki Məcəllə də nəzərdə tutulmalıdır.
İkinci, 3.3-cü maddədə redaktə xarakterli düzəlişlər edilməlidir. Hesab edirəm ki, belə yazılmalıdır: “Rəqabət siyasətinə dair məsələlər üzrə Rəqabət Məcəlləsi ilə digər qanunvericilik aktları arasında fərq yox, ziddiyyət yarandıqda, rəqabət qanunvericiliyinin müddəası tətbiq edilir”. Daha sonra, 3.5-ci maddə çıxarılmalıdır. Bu, Konstitusiyanın məlum maddəsidir. Konstitusiyanın maddəsini digər normativ aktlara salmağımız müəyyən dərəcədə Konstitusiyaya hörmətsizlikdir.
Sonra, 4.1.4-cü maddədə “birləşmə əqdinin tərəfi – digərini satın alan və ya satın alınan şəxs...” Mən başa düşə bilmirəm, şəxs satın alınmaz. Yəqin ki, burada başqa bir şey nəzərdə tutulur. Bunu gərək layihə üzərində işləyənlər nəzərə alsınlar.
Digər tərəfdən, mən əvvəlki müzakirələrdə də demişdim. Elə hesab edirəm ki, rəqabət qanunvericiliyinə daxil olan qanunvericilik aktları sadalananda qanunun hüquqi qüvvəsi nəzərə alınmalıdır. Həmin məsələ Konstitusiyadan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də göstərilməlidir. Gələcəkdə, hesab edirəm, başqa qanunlarda da bu nəzərə alınmalıdır.
8.1.9-cu maddədə deyilir: “bazar subyektlərinin birləşmələrinin və ya qovuşmalarının inhisarçılıqla nəticələnməsi ehtimalını qiymətləndirmək...” və ilaxır. Nəyi nəzərdə tuturam? Əvvəla, bazar subyektlərinin təşkili Mülki Məcəllənin 55-ci maddəsində “birləşmə, qoşulma, bölünmə, ayrılma və keçmə formasındadır” kimi göstərilib. Burada “qovuşma” forması yoxdur, Mülki Məcəllədə göstərilən kimi ”qoşulma” yazılmalıdır.
Daha sonra, 11.1.5-ci maddədə “qanunvericiliklə ilə” yazılır, mənə elə gəlir, “ilə” buradan çıxarılmalıdır.
Daha sonra, 14.3.1-ci maddədə göstərilən “təsərrüfat subyekti, onun tam törəmə müəssisəsi (həmin törəmə müəssisəsinin tam törəmə müəssisəsi) və ya bunların hər hansı birləşməsi” üfüqi münasibətdə olan bazar subyektləri arasında bağlanılan müqavilələrə şamil edilmir. Məcəllədə nəzərə alınmalıdır ki, mal satışında, xidmət göstərilməsində, iş görəndə rəqabət olur. Ancaq burada çox halda “mal və xidmət” göstərilir, “iş” göstərilmir. Mənə elə gəlir ki, bir çox maddələrdə bu nəzərə alınmalıdır. Həm mal satışında, həm iş görəndə, həm də xidmət göstərəndə rəqabət yaranır. Özü də bir çox maddələrə təzədən baxılmalıdır, hamısı eyni dərəcədə sadalanmalıdır.
 23-cü maddədə təbii inhisarlığa aid edilən fəaliyyət sahələri göstərilir. Burada deyilir: “Təbii inhisara aid edilən fəaliyyət sahələri aşağıdakılardır: neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli”. Neft və neft məhsulları istehsal edən burada yoxdur. İstehsal da nəzərdə tutulmalıdır. Təbii qazın istehsalı da nəzərdə tutulmalıdır. 23.1.8-ci maddədə yazılır: “su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma...” Yəqin ki, burada “yükdaşıma” olmalıdır.
Sonra, 39.1-ci maddədə deyilir: “Digər bazar subyektlərinə qarşı haqsız rəqabətə və qadağan olunmuş hərəkətlərə yol verən bazar subyektlərinə aşağıdakı tətbiq edilir”. Burada söz buraxılıb. Mənə elə gəlir ki, “aşağıdakı maliyyə sanksiyaları tətbiq olunur” sözləri əlavə olunmalıdır.
44.1-ci maddədə yazılır: “Rəqabət qanunvericiliyinə riayət olunması ilə əlaqədar araşdırmaların aparılması üçün bazar subyekti Rəqabət orqanının vəzifəli şəxsinin tələbi ilə əsasında...” Burada ya “tələbi ilə”, və ya “əsasında” olmalıdır. 44.1.13-cü maddədə “istehsal (xidmət)” göstərilir, “iş” sözü yoxdur, bu da göstərilməlidir.
Sonra, 49.1.3-cü maddədə “ifadə və izahatlar vermək” sözləri var. Mənə elə gəlir ki, buradan “ifadə” sözü çıxarılmalıdır, “rəqabət orqanının tələbi ilə izahat vermək” yazılmalıdır, “ifadə” sözü çıxarılmalıdır.
51.9-cu maddə “rəqabət qanunvericiliyinin pozulması aşkar olunmadıqda, Rəqabət orqanı barədə bu...” yox, “bu barədə” yazılmalıdır, “bu” əvəzliyi qabağa keçməlidir. Sonra, 51.10-cu maddənin ikinci abzasında deyilir: “Rəqabət orqanının bu Məcəllənin 46.2-ci maddəsi əsasında edilmiş müraciətlərinə...” 46.2-ci maddəyə baxın, burada elə məsələ yoxdur, yəqin ki, ciddi səhvdir, ayrı maddə göstərilməlidir.
Sonra, 68.1-ci maddənin üçüncü abzasında “kimi çıxış edən hər hansı şəxs” sözləri var. Nə qismində çıxış edən şəxsdən söhbət gedir? Burada söz buraxılıb.
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Rəqabət Məcəlləsi üzərində ciddi iş gedib. Komissiyanın sədri Ziyad müəllimə də təşəkkür eləmək istəyirəm, birinci oxunuşdan fərqli olaraq ikinci oxunuşda bir çox nöqsanlar ortadan qaldırılıb və təkliflərin çoxu nəzərə alınıb. Amma bütövlükdə mənim məcəllənin qəbul olunmasına münasibətim mənfidir, əleyhinə səs verəcəyəm. Səbəbi nədir?
Əgər bu gün biz burada 100 il sonra Marsda yaşayacaq azərbaycanlılar arasında ictimai münasibətləri tənzimləyən qanun qəbul etsəydik, mən bunu daha real qəbul eləyərdim, nəinki Rəqabət Məcəlləsini. Bu qanunu haraya tətbiq edəcəyimizi, hansı ictimai münasibətlərə yönəldəcəyimizi, açığı, müəyyən edə bilmirəm. Yaxın gələcəkdə də bunun işartıları görünmür, çünki inhisarçılığın səviyyəsi elə həddə çatıb ki, bu buzu necə sındıracağımız haqqında fikirləşməliyik. Birinci, siyasi iradə ilə bu buz sınmalıdır ki, ardınca qanun onu möhkəmləndirsin. Amma buna baxmayaraq, bir deputat kimi parlamentdə qanunların daha mükəmməl qəbul olunmasına öz töhfəmizi vermək üçün bəzi məsələlərə toxunmağı vacib hesab edirəm.
Mən də İlyas müəllimin səsləndirdiyi təkliflə razıyam ki, burada təkcə cinayət və inzibati məsuliyyət yox, həm də mülki məsuliyyət yaranır. Ona görə də burada 2-ci maddəyə Mülki Məcəllə də mütləq salınmalıdır. Burada rəqabəti əks etdirən maddələr olmalıdır.
Digər məsələ “bazar maneələri” anlayışı ilə bağlı məsələdir. Burada fəaliyyətin çətinləşməsinə yönəldilmiş məsələlərdən söhbət gedir. Məncə, bu natamam ifadədir. Qanunsuz hərəkətlərin və ya hərəkətsizliklərin nəzərdə tutulması daha doğru olar. Bazar rəqabətində kimsə öz malının satılması, yaxud aparılması üçün qanuni formada öz üstünlüyünü ortaya qoya bilər. Bunu bir az da bazar prinsiplərinə zidd olmayan formada ifadə etməliyik ki, sonradan istehsalçıya maneçilik törətməsin.
Sonra, burada “satın alınan şəxs” sözləri ilə bağlı təklif edərdim ki, bunun izahı dəqiq verilsin. Bu cür verilə bilər: “maddi və ya başqa maraqlar əsasında digərini öz istədiyi hərəkətə şirnikləndirən və müvafiq olaraq bundan şirniklənən”. Müvafiq olaraq “bundan şirniklənən şəxs” anlayışı kimi verilsin, çünki “şəxsin satın alınması”, yaxud “satın alınan şəxs” termini qeyri-müəyyən termindir və bunu yeni anlayış kimi qəbul etmək, məncə, ortaya müəyyən problemlər çıxaracaq.
“Dövlət inhisarında olan xidmətlər” anlayışı da, məncə, əsas anlayışların siyahısından çıxarılmalıdır. Müvafiq qanunlarda bu anlayış öz əksini tapdığına görə açılışını, xüsusi olaraq mötərizədə izahını vermək doğru deyil. Burada “haqsız rəqabət” anlayışı ilə bağlı yenə hesab edirəm ki, “işgüzarlıq nüfuzuna” yox, “işgüzar nüfuzuna aid olan hərəkət və ya hərəkətsizlik” sözləri yazmaq lazımdır. Bəzən hərəkətsizliyin özü də müəyyən rəqabət mühitinin pozulmasına səbəb olan amildir. Burada qeyd olunmalı amildir.
Digər bir məsələ “inhisar mənfəəti” anlayışı ilə bağlıdır. Burada niyə bazar subyektinin əldə etdiyi üstəlik mənfəəti əsas götürürük? Biz maddəni ehtimal üzərində qurmamalıyıq. Burada belə göstərilə bilər: “bazar subyektinin bilavasitə inhisarçılıq fəaliyyəti nəticəsində əldə etdiyi mənfəət”. Bu hamısına aid olsun, artıq nəyin üstəlik mənfəət olduğunu araşdırmaq, problemlər yaratmaq olmasın, aydın bilinsin ki, bu bilavasitə inhisarçılıq fəaliyyəti nəticəsində əldə olunan mənfəətdir.
4.1.10, 4.1.11, 4.1.12-ci maddələrin çıxarılmasına tərəfdaram. Bunların izahları başqa maddələrdə, digər qanunvericiliklərdə olduğuna görə burada yer verilməsinin elə bir mənası yoxdur.
Burada rəqabət orqanı ilə bağlı ciddi məsələ qaldırıldı. Mənə elə gəlir ki, biz rəqabət orqanı deyəndə yeni bir inhisarçı orqan yaradırıq. Bu orqan özü qanun qəbul eləyə bilir, rəqabət siyasətini müəyyən eləyir, dövlət nəzarətini həyata keçirir, dövlət reyestri aparır və sair. Yeni orqanın ortaya çıxması rəqabət qanunvericiliyinin pozulması üçün ciddi maneələr, problemlər ortaya qoyacaqdır. Əgər bu, müvafiq icra orqanıdırsa, layihədə digər orqanlarla münasibətləri tənzimləyən maddələr var. Digər icra orqanları necə əlaqə saxlayırlarsa, bu orqan da eyni qaydada əlaqə saxlamalı, münasibətlər qurmalıdır. Tabeçilik və digər münasibətlər bu qaydada tənzimlənməlidir.
Mən Əli müəllimin dediyi fikirlə də razıyam, maraqlı təklifdir. Əgər biz inhisarçılığın qarşısını almaq istəyiriksə, parlamentə hesabat verən bu orqanın müvafiq icra orqanı kimi yaradılmasının qanunvericilikdə əksini tapması işin daha çox xeyrinə ola bilər.
Burada şaquli və üfüqi münasibətlərdən söhbət gedir. Məncə, bunun açılışı da dəqiq verilməlidir. Anlaşılmalıdır ki, bazar münasibətlərində, ümumiyyətlə, bazar subyektləri arasında olan bütün münasibətlər üfüqi münasibətlərdir, yəni bərabər münasibətlərdir. Şaquli münasibətlər daha çox sovet sisteminə aid məsələ idi. Ona görə də şaquli münasibətlər məsələsini qabartmağımızın mənası yoxdur.
4.1. 18.2-ci maddədə ailə üzvləri sadalanır. Bunları burada sadalamağa nə ehtiyac var? Ailə Məcəlləsində “ailə üzvləri” anlayışı verilibdir. Bunların hamısını mötərizədə sadalamaq lazım deyil. Həm də burada qeyri-uyğunsuzluqlar da vardır. Məncə, elə qısaca “ailə üzvləri” yazılsa, daha düzgün olar.
Digər bir məsələ, düşünürəm ki, rəqabət orqanının qəbul etdiyi normativ aktların respublika qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmasıdır. Məsələn, mənim üçün təəccüblüdür ki, hansı müvafiq icra orqanının qəbul etdiyi akt qeydiyyatdan keçmir? Yəni akt hüquqi qüvvəyə malikdirsə, normativ aktdırsa, təbii ki, qeydiyyatdan keçməlidir. Burada sadaladıqlarımız nəyi dəyişəcək? Açığı, bunu müəyyən etmək bir az çətindir.
III fəsildə inhisarçılıq fəaliyyətinə və haqsız rəqabətə yol verməmək rəqabət sahəsində bazar subyektlərinin vəzifələrindən biri kimi göstərilir. Bu, vəzifə deyil, Cinayət Məcəlləsində təsbit olunan qadağadır. Bunu vəzifə kateqoriyasına aid etmək, məncə, doğru deyil. Bu bənd də maddədən çıxarılmalıdır. Burada həm də rəqabət sahəsində bazar subyektlərinin hüquqlarından söhbət gedir. Bu hüquqların sadalanmasını mən doğru hesab etmirəm. Bazar subyektlərinin hüquqları digər qanunlarda müəyyən olunubdur. Bazar qaydalarına görə qanunların qadağan etmədiyi hər bir şey mümkündür və bunu da hüquq kimi göstərmək, deməli, onlara belə bir hüquq vermək, məncə, doğru səslənmir.
Digər bir məsələ təbii inhisarlara aid edilən fəaliyyət sahələri ilə bağlıdır. Çox qəribədir. Bu gün Amerika Birləşmiş Ştatlarında hətta cəza evlərinin, islah əmək müəssisələrinin bir qismi şəxsi mülkiyyətə verilir. Artıq dövlət bunları idarə etməkdə problemlər görür. Qanunda konkret olaraq bu sahələrin göstərilməsinin nə mənası var? Strateji sahələri, məsələn, neft və neft məhsullarının göstərilməsini başa düşdük. Amma elektrik, istilik sistemləri bu cür bərbad vəziyyətdə olacaqsa, elə biz bunları özəl sahəyə verməli olacağıq. Bəlkə elə edəcəyik ki, təbii inhisarda olmasın və əhaliyə kim daha yaxşı xidmət göstərəcəksə, rəqabətə də o daha yaxşı davam gətirəcək. Bu baxımdan hesab edirəm ki, burada strateji sahələri sadalamağa ehtiyac yoxdur. Bunlar ya Nazirlər Kabinetinin sənədlərində, ya da digər normativ aktlarda öz əksini tapa bilər.
Ümumiyyətlə, bu məcəllənin qəbul olunması, real ictimai münasibətlər şəraitində, həqiqətən, böyük tarixi əhəmiyyətə malikdir. Rəqabətin genişlənməsi, inhisarçılığın məhdudlaşdırılması ölkə üçün hava və su qədər vacibdir. Bəlkə siyasətdə nəyi isə məhdudlaşdırmaq olar, bəzi dövrlərdə islahatlar müəyyən demaqogiyanın qarşısını almaq üçün vacibdir. Amma bu gün reallıq budur ki, Azərbaycan iqtisadiyyatında bir məhdudlaşma vardır. Bu da təşəbbüsün boğulmasına, həqiqətən də, ölkənin yaradıcı, daha çox istehsala cəlb oluna bilən qüvvələrinin fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır. Belə bir vəziyyət bizi olduqca narahat edir. Bu baxımdan düşünürəm ki, belə bir məcəlləni qəbul etməklə yanaşı, bunun icrası, həyata keçirilməsi mexanizmi üzərində düşünməsək, həmin məcəllə Azərbaycan cəmiyyətinə yeni heç nə verməyəcək və bunun tətbiqi sahəsində də ciddi narahatlıqlar yaşanacaqdır. Düşünürəm ki, indi bu məcəllənin qəbul olunması tezdir və mən bunun əleyhinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən Rəqabət Məcəlləsinin müzakirəsinə keçməmişdən öncə, ümumiyyətlə, bu məcəllənin müzakirə şəraiti ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Yadınıza gəlirsə, bu məcəllənin birinci oxunuşu gündəliyə sonuncu məsələ kimi salındı, biz bunu qaça-qaça müzakirə etdik ki, gələn dəfə müzakirəmiz geniş olacaq. Bu məcəllənin qəbul olunması çox vacibdir. Ancaq gələn dəfə daha geniş şəkildə bunu müzakirə edəcəyik. Ötən dəfə ayın 18-də Rəqabət Məcəlləsi gündəlikdə sonuncu məsələ idi. Bitirdik ki, Rəqabət Məcəlləsi bugünkü gündəlikdə birinci məsələ olmalı idi. Mən qəbul olunan digər qanunlara qarşı deyiləm. Ancaq...
Sədrlik edən. Vaxtınız gedir, mahiyyət üzrə danışın.
A. Səmədbəyli. Mən məsələ üzrə danışıram, müdaxilə etməyin. Qanunlara dəyişikliklər və əlavələri biz gündəlikdə birinci yerdə qoyuruq, Rəqabət Məcəlləsini sonuncu məsələ kimi müzakirə edirik. Burada hörmətli həmkarlarımızın çıxışlarında çox dəyərli fikirlər səsləndi. Mən, ümumiyyətlə, ölkədəki haqsız rəqabətlə bağlı bir neçə kəlmə deyim, sonra Rəqabət Məcəlləsi ilə bağlı təkliflərimi deyəcəm. Bundan öncə mən də deyim ki, həmkarlarım kimi mən də bu Rəqabət Məcəlləsinin əleyhinə səs verəcəm. Nəyə görə? Fikrimi əsaslandıracam.
Müzakirəsi təklif olunan sənədə münasibət bildirməmişdən əvvəl qeyd etməliyəm ki, bu gün Azərbaycanda mövcud haqsız rəqabətin, əlverişsiz investisiya mühitinin və gündən-günə bahalaşan qiymətlərin başlıca səbəbi inhisarın bütün sahələrdə azad biznesə meydan oxumasıdır. İnhisar uzun müddətdir ki, nəzarətində olan sahələrə giriş baryerləri qoyub, azad sahibkarları sıxışdırıb sıradan çıxarır, digər tərəfdən də qiymətləri istədikləri kimi diktə edərək bahalaşdırır.
Vəziyyəti əyani xarakterizə etmək məqsədi ilə Azərbaycana xaricdən gətirilən 3 məhsula nəzər yetirək. Dövlət Gömrük Komitəsinin bu ilin 9 aylıq statistik yekunlarına görə ölkəyə gətirilən yağın bir kiloqramının gömrük dəyəri 97 qəpik, mal ətinin 1 kiloqramının gömrük dəyəri 44 qəpik rəsmiləşdirilir. Bu məhsullar bazarda ən azı 6 dəfə baha satılır. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin 9 ayında Azərbaycana Türkiyədən 325 milyon dollarlıq mal gətirilib. Halbuki Türkiyə Xəzinə Müstəşarlığının saytında göstərilir ki, girib baxa bilərsiniz, Türkiyədən Azərbaycana 705 milyon dollar həcmində mal göndərilib. Yaxud Dövlət Statistika Komitəsi məlumat verir ki, həmin dövrdə Rusiyadan Azərbaycana 697 milyon dollarlıq mal idxal olunub. Halbuki Rusiya Statistika Komitəsinin məlumatında bu rəqəm 922 milyon dollar göstərilir. Təsəvvür edirsinizmi, iki ölkə üzrə fərq 585 milyon dollar təşkil edir. Özü də yalnız 9 aylıq məlumatlar əsasında. Budur inhisarın səyi nəticəsində qeydiyyatda olmayan ticarət dövriyyəsi.
İndi isə təqdim olunan məcəllə ilə bağlı, əvvəla, qeyd etmək istərdim ki, bu məcəllə indiyə qədər mövcud olan Haqsız rəqabət, Antiinhisar fəaliyyəti, Təbii inhisarlar haqqında qanunların və Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 saylı “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydaları”nın məcmusudur. Bu məcəllədə yeni istiqamətlər çox azdır, olanlar da daha çox mühafizəkar xarakter daşıyır və hakimiyyətin korrupsiya maraqlarına xidmət edir.
Məcəllədə antiinhisar orqanı səlahiyyətinin müvafiq icra hakimiyyəti nəzdində fəaliyyət göstərən məlum xidmətə verilməsi bu işin fəlsəfəsinə ziddir. Belə orqanlar, adətən, müstəqil yaradılır ki, heç bir mərkəzi icra hakimiyyətindən asılı vəziyyətə düşməsin. Məsələn, bu tip orqanlar ABŞ-da Prezidentə, Latviyada Baş nazirə, Litvada parlamentə tabedir. Estoniyada belə bir orqanın başçısı nazir statusuna, Ukraynada komitə sədri statusuna malikdir. Mən sizə xatırlatmaq istəyirəm ki, 1992-1993-cü illərdə, Elçibəy hakimiyyəti dönəmində rəqabət orqanının müstəqil olmasının vacibliyini qəbul edən həmin hakimiyyət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaratmışdı və Prezident yanında müstəqil bir komitə idi. Təəssüflər olsun ki, sonradan həmin komitə digər bir nazirliyin tərkibinə qatıldı və ləğv olundu. Ona görə də mən hesab edirəm ki, antiinhisar fəaliyyəti sahəsində dövlət siyasətini həyata keçirmək hüququ Azərbaycanda da müstəqilliyi təmin edilən orqana verilməlidir.
Digər vacib məsələ məcəllədə təhqiqat aparmaq məqsədi ilə yaradılması nəzərdə tutulan komissiyaların fəaliyyəti ilə bağlıdır. Belə çıxır ki, həmin komissiyalar antiinhisar orqanı yaradacaq və eyni zamanda, özü yaratdığı komissiyanın təhqiqatı əsasında qərar qəbul edəcək. Bilirsinizmi, bu nəyə oxşayır? Müstəntiq özü təhqiqat aparır və özü də hakimlik edərək, istədiyi kimi qərar qəbul edir. Bu absurddur. Buna qətiyyən yol vermək olmaz, çünki bu halda komissiya antiinhisar orqanından asılı vəziyyətdə olacaq və onların maraqlarına xidmət edəcək, müstəqilliyini, obyektivliyini itirəcək və bununla da kimlər isə istədikləri rəqibləri komissiyanın əli ilə sıradan çıxaracaqlar. Ona görə də təklif edirəm ki, komissiyaların müstəqilliyi məcəllədə təmin edilsin. Bir sıra ölkələrdə belə komissiyaların üzvlərini prezidentlərin təqdimatı ilə parlament təsdiq edir. Bir çox ölkələrdə təhqiqatların genişləndirilməsi məqsədi ilə dinləmələrin keçirilməsi nəzərdə tutulub. Bizim məcəllədə isə bunun adı belə çəkilməyib.
Nəhayət, bir vacib məsələyə də toxunmaq istərdim. Məcəllənin 81-ci maddəsi ilə rəqabət orqanının maddi həvəsləndirmə və inkişaf fondunun yaradılması nəzərdə tutulub. 81.1-ci bənddə göstərilib ki, “fond bu orqan tərəfindən... tətbiq edilən maliyyə sanksiyaları və cərimələr hesabına yaradılır”. 81.2-ci maddədə göstərilir: “Maddi həvəsləndirmə və inkişaf fondu vəsaitinin 50 faizi işçilərin maddi həvəsləndirilməsinə, qalan hissəsi isə bu orqanın inkişafına və işçilərin sosial problemlərinin həllinə sərf edilir.” Buna da qətiyyən yol vermək olmaz. Bu halda rəqabət orqanı tərəfindən tətbiq edilən maliyyə sanksiyaları və cərimələrin məbləğinin çoxalmasında maraq əmələ gəlir, çünki həmin vəsaitlərin bir hissəsi məhz onlara çatacaq. Bu da elə rüşvətin leqal formasıdır. Yüksək məbləğlərdə cərimə tətbiq etməklə fonda istədikləri qədər vəsait yığıb özlərinin maddi və sosial problemlərinin həlli üçün istifadə edə bilsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli Ziyad müəllim, mən Sizdən də, dəvət olunan qonaqlardan da xahiş edirəm, qanun layihəsi ilə bağlı səslənən fikirləri, iradları qeyd edin, çünki üçüncü oxunuşda bunların əksəriyyəti nəzərə alınmalıdır. Suallara da cavab vermək lazımdır. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Milli Məclis üzvləri! Bazar iqtisadiyyatı mövcud olan cəmiyyətdə Rəqabət Məcəlləsinin qəbul edilməsi zəruri bir məsələdir, çünki Rəqabət Məcəlləsi bazar iqtisadiyyatının mahiyyətindən doğan bir qanundur. Mən bu məcəllənin qəbul olunmasına səs verəcəm, amma bu məcəllə ilə bağlı bəzi iradlarımı söyləmək istərdim. Mən məsələnin iqtisadi tərəfinə toxunmayacağam, yalnız hüquqi tərəfi ilə bağlı bəzi iradlarım var.
Bildiyiniz kimi, məcəllələşdirmə qanunun sistemləşdirilməsinin mühüm, ən əsas növüdür. Həmin məcəllənin tənzimlədiyi ictimai münasibətlərin ümumi sferasına aid olan normalar məcəllənin ümumi hissəsində, bu ictimai münasibətlərin konkret sahələrinə, konkret epizodlarına aid olan normalar isə məcəllənin xüsusi hissəsində yerləşdirilməlidir. Bu adi bir haldır. Amma nədənsə bu məcəllənin yalnız ümumi hissəsi var. Bəlkə də xüsusi hissəsi mexaniki olaraq yaddan çıxıb, qeyd olunmayıb. Amma xüsusi hissəsi yoxdur. Məncə, məcəllədə xüsusi və ümumi normalar qarışdırılıb. Mən təklif edirəm ki, bu məcəllənin ümumi və xüsusi hissələrə ayrılması üzərində hörmətli müəlliflər iş aparsınlar.
Bu məcəllə ilə bağlı başqa bir iradım da var. Məcəllədə Rəqabət Komitəsi öz araşdırmalarının nəticəsi olaraq maliyyə sanksiyaları və cərimələr tətbiq edir. Amma bu məcəllənin ümumi hissəsində nə “maliyyə sanksiyaları və cərimələri” anlayışı verilib, nə onun məqsədi, nə tətbiqetmə meyarı, nə də maliyyə sanksiyaları və cərimələrinin minimum və maksimum hədləri göstərilib. Belə çıxır ki, araşdırma aparan orqan istədiyi formada, istədiyi meyarlara əsaslanaraq, istədiyi məbləğdə maliyyə sanksiyası və cərimə tətbiq edə bilər. Mən hesab edirəm ki, bu məcəllənin ümumi hissəsində yerləşdirilməli olan çox mühüm normalardır.
Başqa bir iradım məcəllənin 53.1 və 53.2-ci maddələri ilə bağlıdır. 53.1-ci maddəyə görə rəqabət orqanı araşdırma aparır və 6 ay müddətində qərar qəbul edir. Mən hesab edirəm ki, araşdırma aparılması üçün 6 ay çox böyük bir müddətdir. Cinayət-Prosessual Məcəlləsinə görə istintaqa elə yalnız 3 ay vaxt verilir. 6 ay araşdırmanın aparılması üçün böyük müddətdir. Əgər nəzərə alsaq ki, bundan sonra maraqlı tərəflər məhkəməyə müraciət edəcəklər, çox uzun bir vaxt aparacaq. Ona görə də mən təklif edirəm ki, araşdırma üçün 3 ay müəyyən olunsun. Bundan başqa, 53.2-ci maddədə görünür ki, araşdırma aparılan vaxtla araşdırma üzrə qəbul olunmuş qərarın icrası üçün müəyyən olunan vaxt dəyişik salınıb. Hər halda bu maddənin redaksiyasına bir də fikir verilməlidir.
Bir iradım da məcəllənin 80 və 81-ci maddələri ilə bağlıdır. 80-ci maddədə açıq-aydın göstərilir ki, rəqabət orqanı dövlət orqanıdır, burada çalışan insanlar da dövlət qulluqçularıdırlar. Onların statusu da, bildiyimiz kimi, dövlət qulluqçularının statusuna bərabər olmalıdır. Amma 81-ci maddədə göstərilir ki, onların tətbiq etdikləri maliyyə sanksiyaları və cərimələrinin 50 faizi həvəsləndirmə və inkişaf fondunu təşkil edir. Mən bunun əleyhinəyəm. Əgər bu orqan dövlət orqanıdırsa, orada çalışan insanların hüquqları dövlət qulluqçularının hüquqlarına bərabərdirsə, onda onların tətbiq etdiyi maliyyə sanksiyalarından əldə olunan gəlirin 50 faizinin bu cür toplanmasına ehtiyac yoxdur. Biz dövlət orqanı formalaşdırırıq, amma bu maddədən belə görünür ki, formalaşdırdığımız təsərrüfathesablı, özünü maliyyələşdirən bir təşkilatdır. Mən hesab edirəm ki, onların tətbiq etdikləri maliyyə sanksiyaları və cərimələri dövlət büdcəsinə daxil olmalıdır və onlar dövlət orqanı və dövlət qulluqçuları maliyyələşdirilən formada maliyyələşdirilməlidirlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan qanun layihəsi bazar iqtisadiyyatı şəraiti olan bütün ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir. Yeni istehsal sahələrinin yaradılmasında, əmtəələrin, o cümlədən görülən işlərin və yerinə yetirilən xidmətlərin çeşidinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə təminat verən, dövlətin iqtisadi siyasətinin tərkib hissəsi hesab edilən rəqabət siyasətinə həsr olunmuşdur. Artıq heç kimə sirr deyil ki, yalnız sağlam rəqabət və inhisarlaşmamış bazar iqtisadiyyatı şəraitində rəqabətin qabiliyyəti məhsul istehsalına, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə imkan verə bilər və bu da ölkədə iqtisadiyyatın inkişafının əsas amilidir.
Milli Məclisin İqtisadi siyasət komissiyası tərəfindən hazırlanmış bu layihə ölkəmiz üçün ən vacib qanunların birinin layihəsi kimi bu gün ikinci oxunuşda da müzakirə edildi. Eyni zamanda da bildirmək istəyirəm ki, birinci oxunuşdan sonra İqtisadi siyasət komissiyasının işçi qrupu layihədə bir sıra dəyişikliklər və düzəlişlər edilməsi üçün səylə çalışmışlar. Bunlar barəsində hörmətli həmkarımız, komissiyanın sədri Ziyad müəllim ətraflı məlumat verdi. Rəqabətin qorunmasında, inhisarın, haqsız rəqabət fəaliyyətinin qarşısının alınmasında bu məcəllənin mühüm rolunun olduğunu qeyd etməklə yanaşı, layihədə aşağıdakı irad və təkliflərimi bildirmək istərdim.
Birinci, layihənin “Rəqabət Məcəlləsinin əsas anlayışları” adlanan 4-cü maddəsinin quruluşu dəyişdirilməlidir. Əvvəlcə “rəqabət” anlayışı və onunla sıx əlaqəsi olan anlayışlar, sonra isə başqa anlayışların verilməsi məcəllənin məzmununa və qanunvericilik qaydasına daha uyğun olardı. Bu məqsədlə “əmtəə” və “əmtəə bazarı” anlayışlarının daxil edilməsinə, maliyyə xidməti bazarının da əmtəə bazarına aid edilib-edilməməsinə aydınlıq gətirmək olardı. Bu anlayışlar layihənin bir çox maddələrində istifadə edildiyi üçün onların eyni bazar və ya fərqli bazarlar olmasına aydınlıq gətirilməlidir. Bu sonrakı maddələrdə çaşqınlıq yarada bilərdi.
Layihənin 2.2.2-ci maddəsində “iqtisadiyyatın inhisarlaşdırılması” sözləri 2.2.1-ci maddəsinin əvvəlinə əlavə edilsin. 2.2.3-cü maddə 2.2.1-ci maddə ilə eyni olduğuna görə bu maddə buradan çıxarılmalıdır.
Layihənin 3.2 və 3.3-cü maddələri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uzlaşmır. Hər hansı bir qanun qəbul edildikdən sonra onun həyata keçirilməsi ilə bağlı digər normativ hüquqi aktlar qəbul edilir. Ona görə də bu maddənin normativ hüquqi aktlar haqqında qanunvericiliyə uyğunlaşdırılması təmin edilməlidir.
Layihədə istifadə edilən “dövlət inhisarı” və “təbii inhisar” sözləri bəzən eynilik təşkil edir. Bir çox hallarda isə fərqlənir. Ona görə də bu anlayışlar dəyişdirilməli, daha aydın formada yazılmalıdır. Eyni zamanda, 5-ci maddənin birinci cümləsi 4.1.15-ci maddəyə uyğunlaşdırılmalıdır. 8.1.11-ci maddədə “rəqabət qanunvericiliyinə dair izahatlar vermək” sözlərinin “rəqabət qanunvericiliyinin tətbiqi ilə əlaqədar məsələlərə dair izahat vermək” sözləri ilə əvəz edilməsi “Normativ hüquqi aktlar haqqında” Qanuna uyğun olardı. Layihənin 8.1.15-ci maddəsində “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəzlənsə idi daha uyğun olardı, çünki icra hakimiyyəti orqanları olmayan başqa dövlət orqanları da rəqabət siyasəti sahəsində fəaliyyət göstərir. 16.1, 16.3-cü maddələrdə “qaydada” sözü “halda” sözləri ilə əvəz edilsin. Layihənin V fəsli “İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanları” adlandırıldığına görə fəslin bir maddə əvəzinə iki maddədən ibarət olması məqsədəuyğundur. Fəslin birinci maddəsi rəqabətə təsir göstərən və qanunvericiliklə tənzimlənən dövlət və bələdiyyənin köməyinə həsr edilsin. Bu maddələrdə elmin inkişafına, ətraf mühitin təmizlənməsinə, kənd təsərrüfatı məhsullarının istehsalına, mədəniyyətin inkişafına, mədəni irsin qorunmasına, kiçik sahibkarlığa və iqtisadiyyatın digər prioritet sahələrinin inkişafına dövlət və bələdiyyə tərəfindən kömək göstərilməsi öz əksini tapsın. Bu ona görə lazımdır ki, bazar subyektlərinə göstərilən digər köməklər müxtəlif normativ aktlara uyğun olaraq həyata keçirilir. Bunların da məcəllədə təsbit edilməsinə ehtiyac vardır.
Layihənin 21.1.1.-ci maddəsində iqtisadiyyatın dövlət və bələdiyyə bölməsinə aid edilməyən bazar subyektləri üçün məhsul istehsalı və satışı üzrə direktiv tapşırıqların və (və ya) məcburi dövlət sifarişlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd hərəkət kimi qiymətləndirilməsi ilə razılaşmaq olmaz. Belə bir qaydanın təsbit edilməsi iqtisadiyyatın hərtərəfli inkişafına, xüsusilə ərzaq və təhlükəsizliyin təmin edilməsinə, müharibə şəraitində olan respublikamızın bəzi təşkilatlarının ərzaq məhsulları ilə təminatı, məhsulların qiymət artımının qarşısının alınmasında mühüm rol oynayan müxtəlif məhsul fondlarının yaradılması böyük zərbə vurmaqla qiymətlərin artırılmasında gərginlik yaradılmasına səbəb olardı. Ona görə də bu maddə layihədən çıxarılmalıdır.
Layihənin 21.1.6.-cı maddəsi iqtisadiyyatın prioritet sahələrinin, xüsusilə kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə kəskin mənfi təsir göstərməsinə və mövcud qanunvericiliyə zidd olmasına görə çıxarılsın. Belə ki, bu maddə ilə kənd təsərrüfatı məhsulu istehsalçılarına müvafiq qanunlar, Prezidentin fərmanları və Nazirlər Kabinetinin qərarları ilə tətbiq edilən vergi güzəştləri, yanacağın qiymətinin bahalaşması ilə əlaqədar verilən yardımlar, güzəştli kreditlər, lizinq yolu ilə kənd təsərrüfatı texnikası, gübrələrin, fermaların satılmasına, taxıl səpini və başqa tədbirlərə görə göstərilən köməklər qadağan olunur. Bu maddənin tətbiqi yerli istehsalın məhv olmasına, ölkənin başqa dövlətlərdən asılı vəziyyətə düşməsinə, kənd təsərrüfatı ərazilərinin boşalmasına, regionlarda işsizliyin artmasına səbəb ola və vəziyyəti sosial gərginliyə qədər çatdıra bilər.
Eyni zamanda, bildirmək istəyirəm ki, Ümumdünya Ticarət Təşkilatının üzvü olan ölkələrdə iqtisadiyyatın müəyyən sahələrində, o cümlədən kənd təsərrüfatında birbaşa və dolayı yolla dövlət yardımlarına icazə verildiyi halda, bu maddə ilə yerli yardımları qanunazidd elan edirik. Göstərilən məsələlərin ciddiliyini nəzərə almaqla 21.1.6.-cı maddənin layihədən çıxarılmasını təklif edirəm. Ümid edirəm ki, İqtisadi siyasət komissiyası bu təklifi qəbul edəcək.
Layihənin 45.8-ci maddəsinin çıxarılması bu qanunun iqtisadiyyatın inkişafında rolunu artırar. Ona görə də bu maddə əsl bazar subyektlərinin qeyri-qanuni hesab edilən razılaşdırılmış hərəkətlərinin, bir-biri ilə üfüqi münasibətdə olan bazar subyektlərinin qadağan olunmuş fəaliyyətinin stimullaşdırılmasına yönəldilir və rəqabət orqanının rüşvətxorluğuna yol açır. Belə ki, göstərilən qanunun pozulması ilə yol verilən qanunsuz gəlir əldə etdikdən sonra pozuntular aşkar edilərsə, üzr istəmək yolu ilə bu məsələlər həll olur. Beləliklə, bu pozuntu da davam edə bilər. Ona görə bu maddəyə qanunda yer vermək olmaz və qanunazidd olar.
Layihənin XIII və XIV fəsillərində bir-birinə oxşar maddələrin olması nəzərə çarpır. 50, 60, 61, 70-ci maddələrdə lüzum olmadığına baxmayaraq, bəzi məsələlər ayrıca verilmişdir. Məsələn, 53, 54, 55, 63, 68, 69-cu maddələrdə müəyyən müddəaların təkrarlanmasına yol verilir. Digər tərəfdən, bəzi məsələlər qanunla deyil, müvafiq icra orqanlarının müəyyən etdiyi qaydalarla tənzimləndiyi halda qanunda əks olunur. Bu da öz növbəsində qanunun həcminin artması və mahiyyətinin azalmasına səbəb olur. Məsələn, məcəllənin 80-82-ci maddələrinin əvəzinə 80-ci maddəni “Rəqabət orqanının vəzifəli şəxslərinin hüquqi statusu” adlandırmaq və yeni məzmunda bir maddə kimi əlavə etmək olar. 80-ci maddəyə görə rəqabət orqanının vəzifəli şəxslərinin hüquqi statusu müvafiq icra orqanları tərəfindən müəyyən olunur. Həmin maddələrdə göstərilən məsələlər icra orqanlarının əsasnamələrində təsbit olunur. Rəqabət orqanı icra orqanı olduğundan bu barədə qanunvericilikdə ayrıca maddə verilməsi və rəqabət orqanlarının başqaları tərəfindən fərqləndirilməsinə ehtiyac yoxdur.
Bildirmək istəyirəm ki, məcəllə sadələşdirilmiş və daha asan anlayışlı tərzdə yazılmışdır. Bir çox maddələrin yenidən işlənməsinə ehtiyac vardır. Hesab edirəm, İqtisadi siyasət daimi komissiyası, işçi qrupu layihəni üçüncü oxunuşa hazırlayarkən deyilənləri nəzərə alacaqdır. Göstərilən irad və nöqsanlara baxmayaraq bildirmək istəyirəm ki, mən qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə səs verəcəyəm. Deputat həmkarlarımı bu qanun layihəsinin lehinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Rəqabət Məcəlləsinin birinci oxunuşunun müzakirəsində bildirmişdim ki, bu qanun ətrafında ajiotaja ehtiyac yoxdur. Səhv eləmirəmsə, Fazil müəllim dedi ki, bu hələ vaxtı çatmamış qanundur. Məsələ burasındadır ki, rəqabət qanunvericiliyi Azərbaycanda müxtəlif qanunlar və normativ sənədlər sisteminə malik olan bir sahədir. Hələ 1993-cü ilin martında “Antiinhisar fəaliyyəti haqqında”, 1995-ci ildə “Haqsız rəqabət haqqında”, 1998-ci ildə isə “Təbii inhisarlar haqqında” Qanun qəbul olunub.
Bu layihədə diqqəti çəkən bir sıra məsələ, o cümlədən rəqabət orqanında işlərə baxılması və digər məsələlər Nazirlər Kabinetinin müvafiq qərarlarında öz əksini tapıb. Konkret olaraq 29 may 1999-cu il tarixdə “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydaları haqqında” Nazirlər Kabinetinin qərarı var. Ondan əvvəl təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi qaydaları da müəyyənləşdirilib. Bu layihədə keyfiyyətcə heç bir yeni müddəa yoxdur. Bəzi təkmilləşdirmələr aparılıb və sair. Bu bizim köhnə, ən qədim qanunvericilik sahələrindən biridir.
Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, Azərbaycan dövləti ...iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bu baxımdan bir daha təkrar edirəm, Azərbaycan Respublikasında təxminən 15 illik tarixə malik qanunvericilik sahəsində nəyə nail olunubsa, Azərbaycan iqtisadiyyatında, iqtisadi münasibətlər, ictimai münasibətlər sistemində Rəqabət Məcəlləsi də həmin nəticəyə nail olacaq. Yəni heç nəyə nail olmayacaq.
Mən bu məsələdən əlavə, diqqəti yeni bir məsələyə cəlb eləmək istəyirəm. Məndə belə bir qənaət yarandı ki, burada “inhisar” sözü çox işlənir. Sivil dünyada qəbul olunmuş “inhisar” və “inhisarçılıq fəaliyyəti” anlayışı tamamilə başqa şeydir. Amma Azərbaycanda bizim başa düşdüyümüz mövcud real inhisarçılıq tamamilə fərqli bir məsələdir. Sadəcə olaraq, onu qanunvericiliklə tənzimləmək mümkün deyil. Qanunvericilik vasitəsi ilə yalnız ona qarşı mübarizə aparmaq olar. Bu da Cinayət Məcəlləsinin, antikorrupsiya qanunvericiliyinin predmeti olan sahədir.
Bilirsiniz, kölgə iqtisadiyyatından çox danışılır. Bizdə bir kölgə sahibkarlığı da var. Yəni məmur sahibkarlığı var. Bütün iri istehsal sahələri, gəlir gətirən, ifrat mənfəət verən sahələr hamısı yüksək vəzifəli dövlət məmurlarının inhisarındadır. Bizdə məmur-sahibkar silki formalaşmışdır və Azərbaycanda azad iqtisadiyyatın, azad rəqabətin qarşısında duran əsas vəzifə budur. Bu da siyasi məsələdir. Burada bəzi çıxışlarda qeyd olunduğu kimi, buna siyasi iradə lazımdır.
Mən də dəfələrlə səsləndirmişəm ki, kim bizneslə məşğuldursa, bizneslə məşğul olmalıdır, kim dövlətə qulluq eləmək istəyirsə, vəzifə tutursa, nazirdirsə, komitə sədridirsə, o da öz vəzifəsi ilə məşğul olmalıdır. Bir daha təkrar edirəm ki, bu məsələnin aradan qaldırılması üçün siyasi iradənin olması təbiidir. Rəqabət Məcəlləsinin də bu məsələyə heç bir aidiyyəti ola bilməz.
Konkret olaraq bir məsələyə də toxunmaq istəyirəm. Ziyafət müəllim dedi ki, Milli Bankın, Dövlət Gömrük Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin, Vergilər Nazirliyinin nümayəndələri burada iştirak eləyir. İctimaiyyətdə formalaşmış fikir ondan ibarətdir ki, haqsız rəqabəti, Azərbaycan Respublikasında azad iqtisadi mühitə zidd olan maneələri (burada “bazar maneələri” və sair kimi terminlər də işlənir) yaradan həmin təşkilatlardır. Hesab edirəm ki, son dövrdə Fövqəladə Hallar Nazirliyi də bu siyahıya əlavə olunub. Bir yanğınsöndürmə idarəsinin aktı ilə zavodlar bağlanır. Mən bu barədə mətbuatda demişəm, ona görə də təkrar edirəm, nəticədə bağlanmayan zavodlar üçün gözəl şərait, haqsız rəqabət mühiti yaranır. Nəticə nə ilə qurtaracaq, hazırda məlum deyil.
Mən bu yaxınlarda Balakən–Zaqatala zonasında olmuşdum. Fındıq yığımı vaxtı oradan 5 kiloqram fındıq çıxarmaq mümkün deyil. Polis idarəsinin, digər hüquq mühafizə orqanlarının təzyiqi nəticəsində bazara fındıq çıxarmaq qadağan olunur. İnhisarçılar da məlumdur. Qeyd elədiyim kimi, bu da məlum məsələdir.
Hörmətli millət vəkilləri, təkid edirəm, bu baxımdan xüsusi bir narahatçılığa ehtiyac yoxdur. Bu qanun digər qanunlar kimi bu məsələlərə ciddi təsir göstərməyəcək.
Hörmətli Rafael müəllimin çıxışını diqqətlə izlədim, çox xoşuma gəldi. Çıxışda məsələnin hüquqi tərəflərinə, qanunun strukturuna, başqa məsələlərə toxunuldu. Mən peşəkar hüquqşünas olmasam da, bu barədə bəzi fikirlərimi və təkliflərimi bildirmək istəyirəm. Burada təkcə ümumi və xüsusi hissə yox, prosessual və maddi normalar da bir-biri ilə qarışdırılıb. Bu, yeni bir hüquqi sənəd, yeni bir qanunvericilik aktıdır. Bəzi ölkələrdə bu cür hallar mübahisəyə səbəb olur. Hər halda bizim ənənəmiz var, Azərbaycan qanunvericiliyinin ənənələri var. Prosessual və maddi normalar (mən hüquq normasını qəsdən işlətmirəm, çünki burada müxtəlif normalar var) burada bir-biri ilə qarışdırılıb. Şübhəsiz, bu, qanunun işləməsində ciddi maneələr yaradacaq.
Bizim daha çox məşğul olduğumuz sahələrdən biri kimi, rəqabət orqanı tərəfindən rəqabət siyasətinin həyata keçirilməsinin prinsiplərindən bəhs edən 6.1.7-ci maddədə həmin orqanın fəaliyyətinin aşkarlığı və şəffaflığı təsbit olunmuşdur. Lakin bütün sahələrdə, o cümlədən aşkarlığın və şəffaflığın üzə çıxarılması üçün komissiyaların yaradılmasında, rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılmasında heç bir aşkarlıq və şəffaflıq yoxdur. Komissiya iclaslarının açıq keçirilməsi, kütləvi informasiya vasitələrinin, vətəndaşların iştirakı haqqında hər hansı bir maddə yoxdur. Ona görə də hesab edirəm ki, aşkarlıqdan və şəffaflıqdan danışmaq qeyri-mümkündür.
Texniki və hüquqi cəhətdən qüsurlu olan digər məsələlər də var. Məsələn, 37-ci səhifədə belə bir müddəa vardır ki, rəqabət orqanının yaratdığı komissiya şahidləri dindirə bilər və ifadə verməməyə görə vətəndaşlara xəbərdarlıq eləyə bilər. Bu, açıq-aşkar məhkəmə orqanıdır. Hesab eləyək ki, şahid kimi cəlb olunmuş şəxs, vətəndaş belə bir izahatı vermədi. Həmin halda onun haqqında hansı məsuliyyət tədbiri görüləcək? Bu, məhkəmə orqanı deyil ki, onun belə bir səlahiyyəti olsun. Bundan əlavə, bilirsiniz ki, bizim qanunvericilikdə hər bir şəxsin özünün əleyhinə ifadə verməmək hüququ var. Bu baxımdan bir daha təklif edirəm, burada bizim peşəkar hüquqşünasların söylədiyi iradlar, konseptual xarakterli ayrı-ayrı təfərrüatlar və müddəalar ciddi şəkildə nəzərə alınmalıdır.
Biz bunu ikinci oxunuşda səsə qoyacağıq. Mən hesab edirəm ki, hüquqşünaslar tərəfindən qanunun ciddi şəkildə işlənməsinə ehtiyac vardır. Başa düşürük ki, burada bir orqan yaradılmalıdır və əsas məsələ budur. Əvvəl orqan olub, sonra ləğv edilib və İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilib. İndi yenidən rəqabət orqanı yaradılır. Ümumiyyətlə, keçən dəfə “Sığorta haqqında” Qanunun müzakirəsində həmin rəqabət orqanının yaradılması tendensiyası yenidən diqqəti cəlb etdi. Mən hesab edirəm ki, qanunu hazırlayanda bu məsələ nəzərə alınmalıdır.
Burada səsləndi ki, həmin orqan Prezidentin yanında, yaxud Baş nazirin yanında olmalıdır. Əslində, bu, sahələrarası bir məsələdir. Rəqabət məsələsi bir sahəni yox, bir çox sahələri, bir çox orqanları, o cümlədən icra hakimiyyəti orqanlarının fəaliyyət sahəsini əhatə eləyən hüquqi səlahiyyətlərə malikdir. Həmin orqan Nazirlər Kabinetinin tərkibində olsa, Baş nazir, yaxud onun müavinləri tərəfindən ona birbaşa rəhbərlik edilsə, həmin orqanın rəhbəri Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə yaxınlaşıb icra hakimiyyətinin bu sahədə pozuntuları barədə hansısa xəbərdarlıq edə bilər. Əks təqdirdə, bir də təkrar edirəm, bu orqanın rəhbərliyinə kim təqdim olunacaqsa, Allah işini avand eləsin.
Sədrlik edən. Məjlum Şükürov, buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Mən də həm birinci oxunuşda, həm də ikinci oxunuşda çıxış edən həmkarlarımın qanun layihəsinin aktuallığı, vacibliyi barədə söylədiyi bütün fikirlərə şərikəm. Bütövlükdə ölkə iqtisadiyyatını canlı bir orqanizm kimi səciyyələndirsək, yəqin, razılaşarsınız ki, rəqabət onun nəfəsliyidir. Bu nəfəslik nə qədər açıq olsa, nə qədər təmiz hava daxil olsa, orqanizm də səmərəli fəaliyyət göstərər və sağlam olar. Bu nöqteyi-nəzərdən bir daha vurğulamaq istəyirəm ki, qanun layihəsi çox lazımlıdır. Xüsusən, Ümumdünya Ticarət Təşkilatına qəbul olmaq ərəfəsində bu, ölkəmiz üçün çox vacibdir. Məhz bu təşkilata qəbul zamanı ölkəmizin iqtisadiyyatında təsiredici tendensiyaların işə düşməsi üçün azad rəqabət mühitinin olması çox vacibdir.
Bir çox ölkələrdə, o cümlədən MDB məkanında və inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın təhlili göstərir ki, belə bir qanun layihəsinin qəbulu və onun fəaliyyəti həmin ölkələrin iqtisadiyyatında müsbət tendensiyalara səbəb olur. Mən hesab edirəm ki, qanun layihəsində rəqabət mühitinə təsir edəcək amillərin hamısı nəzərə alınmışdır. Bəlkə də iqtisadiyyatda iştirak etməyən başqa amillərin ünvanları da qanun layihəsində dəqiq göstərilmişdir.
Qanun layihəsinin 3.4-cü maddəsinin üzərində dayanmaq istəyirəm, çünki məndən əvvəl həmkarlarımın çıxışlarında bəzi fikirlər səsləndi. Məhz 3.4-cü maddəni oxumaq istəyirəm: “Bu Məcəllə bazar subyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici ölkələrin şəxsləri ilə bağladıqları müqavilələr (sazişlər) daxili bazarda rəqabətin məhdudlaşdırılmasına və ya rəqabətlə bağlı digər mənfi təsirlərə də səbəb olduğu və ya ola biləcəyi hallara da şamil edilir.” Mənə elə gəlir ki, bir çox suallara bu maddə cavab verir. Hesab edirəm ki, qanun layihəsinin V fəsli bütövlüklə bazar iqtisadiyyatında iştirak etməyən, inhisarçılıq mühitinə təsir edə bilən bəzi amillərin də tamamilə aradan qaldırılmasına xidmət edir. Bundan başqa, Məcəllənin 29-cu və 30-cu maddələri, xüsusən ikinci bəndi məhz rəqabət mühitinə təsir edəcək ünvanları dəqiq göstərir.
Qanun layihəsinin bəzi maddələrinə mənim iradlarım var. Bu, xüsusi ilə 9-cu maddə ilə bağlıdır. Aydındır ki, 9-cu maddədə Rəqabət Məcəlləsini pozan bazar subyektlərinə qarşı sanksiyalardan, rəqabət orqanının səlahiyyətlərindən söhbət gedir. Ortaya belə bir sual çıxır. Tutaq ki, “Vergilər haqqında” Qanunu pozan hər hansı bir bazar subyekti haqqında vergi orqanlarının təcili müdaxilə etmək imkanları var. Məsələn, bazar subyektlərinin bank hesablarını bağlamağa ixtiyarı var. Amma burada rəqabət orqanı məhkəməyə müraciət edəndən sonra qanunu pozmuş bazar subyektinin bank hesabları bağlana bilər. Belə görünür ki, bu sahədə qanun pozuntusu olsa da, həmin bazar subyekti aylarla fəaliyyət göstərə bilər. Yalnız məhkəmənin qərarından sonra onun işinə müdaxilə edilə bilər. Mənə elə gəlir ki, rəqabət orqanına da vergilər orqanına verilən analoji səlahiyyətlər verilməlidir.
Bundan başqa, 38-ci maddənin 2.1-ci və 2.3-cü bəndləri ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Mənim həmkarım Əli müəllim də bu haqda fikir söylədi. Qanunun fəaliyyət göstərməsi üçün rəqabət orqanı bütün bazar subyektlərinin maliyyə fəaliyyətinə nüfuz etməlidir. Ona görə də hesab edirəm ki, beynəlxalq təcrübədə olduğu kimi, burada maliyyə sanksiyaları tətbiq oluna bilər. Ona görə də bunu şərti maliyyə vahidinə, yaxud minimum əmək haqqına bağlamağa ehtiyac yoxdur. Maliyyə sanksiyaları həmin bazar subyektinin fəaliyyəti ilə, onun mənfəəti ilə bağlanmalıdır. Amma təəssüf doğuran bir fakt var. Qeyd etdiyim kimi, rəqabət mühitinə, inhisarçılığa təsir edən başqa amillər var, amma onlar bazar iqtisadiyyatında iştirak etmirlər. Çox təəssüf ki, layihəyə rəqabət orqanının həmin amillərə qarşı hər hansı sanksiya tətbiq etməsi ilə bağlı heç bir maddə salınmayıb.
Bundan başqa 45-ci maddənin 3-cü bəndi ilə bağlı iradlarımı bildirmək istəyirəm. Bu maddədə qeyd olunur ki, hər bir bazar subyekti öz sənədlərini azı 10 il müddətində saxlamalıdır. Təsəvvür edirsiniz, bu nə qədər kağız yığıntısına, zibil yığıntısına səbəb olacaq. Mən hesab edirəm ki, bu müddətə də baxılmalıdır. Nəzərə alsaq ki, sənədlər arxivə verilə bilər və rəqabət orqanı istənilən halda başqa mənbələrdən həmin sənədləri əldə edə bilər.
Mənə elə gəlir ki, komissiyaların təşkil olunması ilə bağlı 52-ci maddədə dəqiqləşmə aparılmalıdır. Həmin fikir mənim hörmətli həmkarım tərəfindən də səsləndi. Burada məlum olmur ki, həmin komissiya rəqabət orqanının əməkdaşları tərəfindən, yoxsa kənardan yaradılır. Mən hesab edirəm ki, müstəqil ekspertləri dəvət etməklə belə bir komissiyanın yaradılması rəqabət orqanlarının şəffaf fəaliyyətinə təsir göstərə bilər. Bütün bunlarla yanaşı, hesab edirəm ki, Rəqabət Məcəlləsi vacib bir məcəllədir və mən onun qəbuluna səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Qüdrət Həsənquliyev, 20 dəqiqə vaxtımız var, ona görə də çalışın, yekunlaşdırın. Əgər yekunlaşdıra bilməsək, saat 7-yə qədər işləyəcəyik. Çıxışlar kəsilmir. Təklif olundu ki, layihə geniş müzakirə olunmalıdır. Biz də geniş müzakirə edirik.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bəzi məsələlərə qısaca münasibətimi bildirmək istərdim. Ümumiyyətlə, əziyyət çəkib Məcəlləni hazırlayıblar. Mən işçi qrupunun üzvlərinə öz minnətdarlığımı bildirirəm. Amma hesab edirəm ki, bəzi məsələləri aydınlaşdırmaq lazımdır.
Məndən öncə Məjlum müəllimin qeyd etdiyi kimi, 3-cü maddənin 3-cü və 4-cü bəndlərində göstərilir ki, Məcəllə xarici ölkələrin şəxsləri ilə bağlanan müqavilələr daxili bazarda rəqabətin məhdudlaşdırılmasına və ya rəqabətlə bağlı digər mənfi təsirlərə səbəb olduğu və ya ola biləcəyi hallara da şamil edilir. Biz hamımız bilirik ki, bir çox xarici şirkətlər Azərbaycanda dövlət təminatı ilə iş görürlər və onlar üçün bir çox güzəştlər müəyyənləşdirilir. Məcəllə bunlara da şamil olunacaqmı, yoxsa yox? Yəni artıq bizim dövlət tərəfindən üzərimizə götürdüyümüz öhdəliklər öz hüquqi qüvvəsini itirmiş hesab olunur. Bu məsələyə aydınlıq gətirilməsini istəyərdim.
Bundan başqa, II fəsildə qeyd edilir ki, dövlətin rəqabət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Amma bu orqanla bağlı hər hansı bir məlumat yoxdur. Yaxşı olardı ki, bu məsələ birbaşa qanunun özündə əksini tapsın. Vaxtı ilə biz Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanı Dövlət Qulluğunu İdarəetmə Şurası yanında yaratdıq. O zaman mən çıxışımda dedim ki, bu, Prezidentin yanında olsa, daha yaxşı olar. Müstəqil olsa, daha yaxşı olar. İndi də bu fikirdəyəm ki, bu, müstəqil bir orqan kimi yaradılmalıdır. Məndən öncə qeyd etdilər ki, əvvəllər bu, müstəqil bir orqan olub. İndi də Azərbaycan Respublikası Prezidentinin yanında olmalıdır.
Sonrakı maddələrdə bu orqanın hansı formada formalaşdırılması, strukturlarının nədən ibarət olması qeyd olunmayıb. Amma sonrakı maddələrdə komissiyadan söhbət gedir. Ona görə də biz bəri başdan 5-ci maddədə qeyd edə bilərik ki, rəqabət orqanı sədrdən və tutaq ki, 9 nəfər komissiya üzvündən ibarətdir və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunur. Yəni bu quruma geniş səlahiyyətlər vermək lazımdır. Ona görə ki, bu Məcəllə nə qədər mükəmməl olsa da, bu qanunu tətbiq edəcək qurum kifayət qədər səlahiyyətli olmasa və deyək ki, birbaşa Prezidentin dəstəyinə arxalanmasa, inanmıram ki, müəyyən neqativ halları aradan qaldırmaq mümkün olsun.
Bundan başqa, 9-cu maddədə rəqabət orqanının hüquqları müəyyənləşdirilib. Həmçinin Məcəllədə göstərilir ki, rəqabət orqanı, yəni komissiya ayrı-ayrı şəxsləri dəvət edər və sorğu-sual edə bilər. Mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Necə ki, Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə səlahiyyətlər verilir, bu quruma da istintaq səlahiyyətləri verilməlidir. Onlara istintaq aparmaq səlahiyyəti verilməsə də, ən azı cinayət işinin başlanmasına qədər müəyyən təhqiqat aparmaq səlahiyyəti verilməlidir. Tutaq ki, onlar cinayət işi qaldırır, sonra işin materiallarını istintaq üçün prokurorluq orqanlarına göndərir. Məncə, 9-cu maddədə bu məsələ nəzərə alınsa, daha yaxşı olar.
Qeyd edəcəyim başqa bir məsələ 45.6-cı maddə ilə bağlıdır. Qeyd olunur ki, tələb olunan sənədlər və məlumatlar təqdim edilmədikdə rəqabət orqanı özündə olan məlumatlar əsasında qərar qəbul edə bilər. Yəni dolayısı ilə ehtiva olunur ki, sənədi təqdim edən də və həmin şirkət, müəssisə o sənədləri verməyəndə rəqabət orqanı özündə olan sənədlər əsasında qərar qəbul edə bilər. Amma 51.7-ci maddədə qeyd olunur ki, rəqabət orqanı əməkdaşlarının yoxlama vəsiqəsində göstərilən bazar subyektlərinin ərazisinə maneəsiz daxil olmaq, məsul şəxslərdən izahat almaq, lazımi sənədlər və materiallarla tanış olmaq, qanun pozuntusuna yol verilməklə edilən hərəkətlərin dayandırılması, malların dövriyyədən çıxarılması barədə göstəriş vermək, sənədləri və nümunə kimi əşyaları götürmək hüququ vardır. Əgər bunun birbaşa daxil olub istənilən sənədi götürmək hüququ varsa, mən hesab edirəm ki, 51.7-ci maddə ilə 45.6-cı maddə arasında ciddi ziddiyyət yaranır və bu ziddiyyəti aradan qaldırmaq lazımdır.
Bundan başqa, burada müddətlərlə bağlı məndən öncə də qeyd olundu ki, 6 aya qədər vaxt verilir. Bu müddət bəs etmədikdə onun daha 3 ay uzadılması nəzərdə tutulur. Mən hesab edirəm ki, süründürməçilik üçün kifayət qədər imkan yaradılır və bunun da qarşısı alınmalıdır.
Qeyd olunur ki, rəqabət orqanına hər hansı bir şikayət daxil olduqda 30 gün müddətində buna baxa bilər. Tutaq ki, tez xarab olan hər hansı məhsulla bağlı iş adamına problemlər yaradılırsa, o da müraciət edə bilər. 30 gün müddətində o, bədbəxt də ola bilər. Hesab edirəm, bu müddətləri də kifayət qədər qısaltmaq lazımdır ki, operativ olaraq bu məsələlərə münasibət bildirmək mümkün olsun. Burada komissiya üzvlərinin təminatları da öz əksini tapmalıdır. Hətta onların pensiya təminatı da, digər əlavə təminatları da qanunda öz əksini tapmalıdır ki, onlar maddi baxımdan kifayət qədər müstəqil və sərbəst olsunlar, asılı olmasınlar.
Sonda çıxışımı 81-ci maddəyə münasibətlə bitirmək istəyirəm. 81-ci maddədə qeyd olunur ki, rəqabət orqanının maddi həvəsləndirmə və inkişaf fondu yaradıla bilər. Bu maddə, ümumiyyətlə, çıxarılmalıdır. Əslində, bu, neqativ hallara imkan açan bir maddədir. Mən bu barədə danışmaq istəmirəm. Bu, işçiləri bəzən əsassız olaraq cərimələr tətbiq etməyə sövq edə bilər. Ona görə ki, yığılan vəsaitin bir hissəsi, yəni 50 faizi onların özünə qayıdır. Bunlar dövlət orqanlarının nümayəndələridir və digər dövlət qulluqçuları kimi dövlətdən maaş almalıdırlar. Bu formada topladıqları vəsaitin bir hissəsini onların özünə vermək neqativ hallar yarada bilər. Ona görə də bu maddə, ümumiyyətlə, çıxarılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, mən bayaq qeyd etdim ki, müvafiq dövlət strukturlarından bizim qonaqlarımız var. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov, buyurun.
M. Vahabov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idarə rəisi.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əlbəttə, bu gün müzakirəyə çıxarılan Rəqabət Məcəlləsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edəcək, həm istehlakçıların, həm də istehsalçıların hüquqları müdafiə olunacaq və qorunacaqdır. Öncə qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsinin məsul şəxsi olaraq, ikinci oxunuşa qədər bu layihəyə irad və təkliflərimi bildirmişəm və onlar nəzərə alınıb. Üçüncü oxunuşa qədər də müzakirələrdə iştirak edəcəyəm və təkliflərimi verəcəyəm.
Ümumiyyətlə, qanun layihəsi ilə əlaqədar təklifləri sadalamaq istəmirəm. Sadəcə olaraq, hörmətli millət vəkillərinin çıxışlarındakı bir sıra məqamlara aydınlıq gətirmək istərdim. Birincisi, hər birinizə məlumdur ki, ölkəmizdə 13–15 min sahibkar fəaliyyət göstərir. Həmin sahibkarlardan alınan vergilərin hesabına dövlət büdcəsinin 50 faizə qədəri formalaşır və bunu mütləq nəzərə almaq lazımdır. Rəqabət Məcəlləsinin müzakirəsində və bunun sonrakı mexanizmi işlənəndə nəzərə alınmalıdır ki, sahibkar da, məmur da Azərbaycan vətəndaşıdır. Əlbəttə, burada sadalanan bir neçə fikirlə razıyam. Bildiyiniz kimi, rəqabət orqanı İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində olan bir orqandır. Əlbəttə, möhtərəm Prezidentimiz tərəfindən qanunun tətbiqinə dair sərəncam imzalananda müvafiq icra orqanı kimi onun statusu müəyyənləşdiriləcəkdir. Layihədə onun hüquqları və vəzifələri göstərilib. Məncə, burada bir neçə maddəni birləşdirmək lazımdır. Bir daha təkrarçılığa yol verməmək üçün hüquqların və vəzifələrin ixtisara salınması nəzərdən keçiriləcək.
O ki qaldı hörmətli millət vəkili Arzu müəllim Səmədbəylinin çıxışına, Dövlət Gömrük Komitəsinin bəzi ticarət dövriyyəsinə göz yumması, digər ölkələrlə aparılan ticarət əlaqələrində fərqlərin əmələ gəlməsi barədə deyilən iradlara münasibət bildirmək istəyirəm. Hörmətli Arzu müəllim, Dövlət Gömrük Komitəsinin məsul şəxsi kimi dövlət büdcəsinə yığılan bütün vəsaitlərə birbaşa cavabdehlik daşıyıram. Xahiş edirəm, düzgün başa düşün, bilmədiyi işi heç vaxt insan deyə bilməz, fakta əsaslanmalıdır. Bu gün Siz misal gətirdiniz, Azərbaycana idxal olunan mallar arasında fərqi diqqətimizə çatdırdınız. Görünür, Türkiyədən Azərbaycana ixrac olunan mal dövriyyəsini İnternet saytından götürmüsünüz və sair. Bu, mümkün olan şey deyil. Azərbaycan Respublikasına idxal olunan malların həcminə Siz diqqət yetirsəniz, yekunda artım görəcəksiniz. Bunun müqabilində vergilər tətbiq olunur, dövlət büdcəsinə vergilər cəlb olunur. Bir sıra ölkələrlə bizim aramızda dəfələrlə bu kimi mübahisələr olub. Bu gün Qazaxıstanla belə məsələlərə aydınlıq gətirilir, komissiya işləyir. Gələcəkdə digər ölkələrlə bu məsələlərə aydınlıq gətiriləcək. Ancaq bizim statistikamız bu gün düzgün statistikadır.
Digər tərəfdən, sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasına idxal olunan malların mütləq dəyərləndirilməsi kontraktda göstərilən qiymətlərlə eyni deyil. Ona görə ki, Gömrük tarifi haqqında qanun var, bu qanunun maddəsinə əsasən gömrük dəyərləndirilməsi üsulları tətbiq olunur, 6 üsuldan ibarət dəyərləndirilmə həyata keçirilir. Ona görə də imkan vermək olmaz ki, bağlanan kontrakt qiymətdə yüksək olsun, dünya bazarındakı qiymətlərdən aşağı olsun, yaxud dəyərləndirmə daha yüksək aparılsın.
Burada bir neçə məqam ortaya çıxa bilər. Əgər sövdələşmə varsa, Azərbaycan Respublikasından xarici ölkəyə vəsait köçürülür və həmin vəsaitin müqabilində Azərbaycan Respublikasına mal idxal olunur. Neqativ halların qarşısını almaq məqsədi ilə bizim gömrük əməkdaşları Avropa Birliyinin təsdiq elədiyi ÜTT-nin kvotasına uyğun olaraq gömrük dəyərləndirilməsi üsulları tətbiq etməklə malı dəyərləndirir və ona uyğun olaraq gömrük vergi rüsumları alınır. Bu statistikanı haradan əldə etdiyinizi bilmirəm, amma Türkiyə ilə bizim aramızda statistik göstəricilərdə heç bir fərq yoxdur.
Pənah Hüseynin çıxışına münasibət bildirmək istəyirəm. Pənah Hüseyn uzun illər yüksək dövlət vəzifəsini tutmuşdur. Bu gün mən onun çıxışına qulaq asdım. Bilirsiniz, millət vəkilidir, irad tuta da bilmərəm. Sadəcə, bir vətəndaş kimi demək istəyirəm ki, hər bir insan öz məsuliyyətini dərk edir və dərk etməlidir. Bu gün populist çıxış etmək düzgün deyil. Bəli, digər ölkələrin təcrübəsinə baxın. Bu gün Dövlət Gömrük Komitəsi olaraq, bizim vəzifəmiz birbaşa ölkənin iqtisadi təhlükəsizliyini qorunmasından ibarətdir və onu yerinə yetiririk. Fındıq zavodu ilə əlaqədar Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bir il öncə ölkədən fındığın aparılması, qadağan olması bizdən asılı olmayan bir iş idi. Yəni xarici ölkələrdə laboratoriya şəraitində yoxladıqdan sonra fındığın tərkibində müəyyən maddələr aşkar olunmuşdur. Ona görə də müəyyən bir müddətdən sonra xaricə ixrac edilməsinə qadağa qoyulmuşdur.
Digər tərəfdən, bir azərbaycanlı kimi, ölkəmizi sevən bir insan kimi, bu gün ölkə başçımızın, möhtərəm Prezidentimizin apardığı islahatlar regionlarda yeni iş yerlərinin açılması bizim üçün əsas verir ki, özümüzə hörmətlə yanaşaq, yerli istehsala hörmətlə yanaşaq. Ölkəmizdə yetişən məhsulları özümüz emal etməliyik. Niyə biz findığımızı Türkiyəyə buraxmalıyıq? Niyə həmin fındıq yenidən Türkiyədən Azərbaycana gəlməlidir və Azərbaycan vətəndaşı onu almalıdır? Əlbəttə, Zaqatalada və digər rayonlarda tikilən zavodlarda öz fındığımızı emal edib, yenidən öz vətəndaşımıza satmalıyıq. Ona görə də xahiş edirəm, belə məsələyə çox diqqətlə yanaşasınız.
O ki qaldı Sizin dediyiniz iradlara, deyəsən, Siz anlayışları oxumamısınız. Xahiş edirəm, diqqətlə oxuyun. “Bazar subyekti” ayrıdır, “müvafiq mərkəzi icra orqanları” ayrıdır. Dövlət Gömrük Komitəsi hökumətin tərkibində öz səlahiyyətlərinə aid olan funksiyanı yerinə yetirir. Bazar subyektləri istər xarici, istərsə də yerli təşkilatlarla bazar münasibətlərini qurur. Ona görə də belə fikirlərə çox diqqətlə yanaşmaq lazımdır. Dövlət Gömrük Komitəsi olaraq, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması istiqamətində mühüm işlər aparılır. Bundan sonra da bu işlərin davamı olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Rəqabət Məcəlləsi bir ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisinə daxil olub və layihənin üzərində İqtisadi siyasət daimi komissiyasında xüsusi işçi qrupu işləyib. Azərbaycanın hökumət nümayəndələri ilə, Milli Məclisin İqtisadi qanunvericilik şöbəsi ilə bir yerdə xarici ölkələrdə fəaliyyət göstərən qanunları nəzərə alaraq belə bir Məcəlləni ortaya çıxarmışıq.
Mən belə hesab edirəm ki, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi Azərbaycanda liberal iqtisadiyyatın inkişafına mühüm təsir göstərəcək. Amma bir şeyi başa düşmədim, niyə bir sıra millət vəkilləri belə qənaətə gəlirlər ki, bu Məcəllənin qəbul edilməsi Azərbaycan iqtisadiyyatında heç nəyi dəyişdirməyəcək. Onda gərək biz heç bir qanun qəbul etməyək və necə lazımdırsa, bir qrup insan Azərbaycanın iqtisadiyyatını öz əlində saxlamaqda davam etsin.
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırlaşır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı var. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası Azərbaycan hökuməti ilə bir yerdə bir neçə dəfə iclas keçirib. 2009-cu ildə Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün ciddi iş gedir.
Mən hiss edirəm ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi bir sıra insanları narahat edir. Hətta burada belə bir fikir də səsləndi ki, bəzi insanlar heç bu layihəyə səs vermək də istəmirlər. Görünür, Azərbaycanda normal iqtisadiyyatın fəaliyyət göstərməsinə maneə törətmək istəyirlər. Mən qanun layihəsinin ümumi müddəalarına toxunmamışdan qabaq Məcəllənin əsas üç mahiyyətini açmaq istəyirəm. Birincisi burada səsləndi. Məcəllənin onurğa sütununu təşkil edən üç prinsip var. Birincisi rəqabət orqanının statusu ilə bağlı məsələdir. İki dəfə Milli Məclisin komissiyasının müzakirəsində də bu məsələ qaldırılıb. Amma biz hələlik öz istədiyimizə nail ola bilməmişik.
Rəqabət orqanının statusundan çox şey asılıdır. Əgər bu orqanı biz bu gün fəaliyyət göstərən antiinhisar departamenti kimi və ya başqa bir təşkilat kimi hansısa bir nazirliyin tərkibində saxlayacağıqsa, əlbəttə, bu qanun işləməyəcək. Rəqabət orqanı tam sərbəst, yüksək statusa malik bir orqan olmalıdır. İstər vergi, istər gömrük, istərsə bank, istərsə də digər maliyyə qurumlarından istənilən hesabatı tələb etmək imkanına malik olan bir orqan olmalıdır. Bütün dünyada bu belədir və sərbəst bir orqandır. Vaxtlı-vaxtında Azərbaycan Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə müəyyən hesabatlar verilməlidir. Əgər belə bir orqanın yaradılmasına biz nail olmasaq, mən sizi inandırıram ki, bu Məcəllənin qəbul edilməsinin heç bir əhəmiyyəti olmayacaq.
İkinci ciddi məsələ hələlik bu qanunda nəzərə alınmayıb. Yəqin, biz bunun üzərində işləyəcəyik. Azərbaycanda çox ciddi nəzərəçarpan süni inhisarçılığın qarşısının alınmasıdır. Bu, ciddi məsələdir. Bayaq Əli müəllim öz çıxışında tamamilə düzgün qeyd elədi. Azərbaycanda süni inhisarçılıq çox böyükdür. Azərbaycanda spikulyativ pullar həddən artıq çoxdur. Həmin pullar Azərbaycanın maliyyə bazarına çox böyük təsir, təzyiq göstərir.
Üçüncü məsələ qiymət məsələsidir. Yəni Azərbaycanın daxili bazarlarında qiymətlərin süni surətdə qaldırılması və sair bu kimi hallarla əlaqədardır. Bu üç məsələni biz həll eləməsək, mən deyərdim ki, bu qanunun işləməsində müəyyən problemlər olacaq. Ümumi götürdükdə, mən belə hesab edirəm ki, digər vacib məsələ şəffaflıqla əlaqədardır. Burada şəffaflıqla əlaqədar müəyyən məqamlar bəzi maddələrdə əks olunub. Amma şəffaflığın tam açılması, həmin rəqabət orqanının fəaliyyətinin şəffaf şəkildə həyata keçirilməsi üçün bəzi maddələrdə, yəqin ki, biz müəyyən dəyişikliklər edəcəyik və buna getmək lazımdır. Amma ümumi götürəndə, mən hesab edirəm ki, bu qanun layihəsi normal şəkildədir. Onun üzərində biz ikinci oxunuşdan sonra da işləyəcəyik. Amma bununla bərabər bir sıra məsələlərə mən öz münasibətimi bildirmək istəyirəm.
Birincisi, 10-cu maddədə deyilir ki, rəqabət orqanı qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanlarının sorğusu əsasında hesabatlar, izahatlar, tövsiyələr, müvafiq məlumatlar verə bilir. Əgər biz rəqabət orqanı yaradırıqsa, onu digər iqtisadi orqanlardan, necə deyərlər, üstün bir statusa malik səviyyəyə çatdırmaq istəyiriksə, mənə elə gəlir ki, onun hər bir orqana hesabat verməsinə ehtiyac yoxdur. O, yalnız Azərbaycanın dövlət başçısına və Milli Məclisə hesabat verə bilər. Mən belə hesab edirəm ki, bu maddəni, ümumiyyətlə, buradan çıxarmalıyıq.
13.2-ci maddədə deyilir ki, təsərrüfat subyektlərinin bir-biri ilə bağladıqları müqavilələr razılaşdırılmış hərəkətlərə aid edilmir. Əgər bazara mənfi təsir etmirsə, bəs onda necə? Əgər edirsə, onda necə? Ona görə də bu maddənin üzərində də fikirləşmək lazımdır. Əgər təsərrüfat subyektlərinin bir-biri ilə bağladığı müqavilə bazara təsir edirsə, onda bu məsələ müqavilədə öz əksini tapmalıdır. Qanun layihəsində sanksiya ilə əlaqədar digər ciddi məsələlər də var. Burada göstərilir ki, sanksiya tətbiq edərkən mənfəət nəzərə alınmalıdır. Biz komissiyada da bu barədə dedik. Yalnız gəlir ilə əlaqədar burada əlavə etmək lazım gəlir. Ümumiyyətlə, şirkətin dövriyyəsi məsələsinə baxmaq lazımdır, şirkətin dövriyyə göstəricisi tətbiq edilməlidir. Onsuz da bütün şirkətlər çalışırlar ki, mənfəəti gizlətsinlər. Yəni gizlətmək imkanları olmasın. Maliyyə sanksiyası rəqabət orqanının göstərişini yerinə yetirməməyə görə yox, bu Məcəlləni pozmağa görə tətbiq olunmalıdır. Yəni Məcəllənin hər hansı bir maddəsi pozulursa, həmin orqanlar məsuliyyətə cəlb olunmalıdır. Ona görə də burada başqa əlavələr də var.
Rəqabət qanunvericiliyini pozmaqla əlavə mənfəət əldə edən şirkət sonra öz fəaliyyətini dayandıra bilər və bir müddətdən sonra başqa adla fəaliyyətə başlaya bilər. Yəni iri bir şirkət böyük bir gəlir əldə etdikdən sonra qırağa çəkilir, şirkəti bağlayır və gəlir də onda qalır. Sonra başqa bir adla fəaliyyət göstərməyə başlayır. Ona görə də bu tədbirlər layihədə mütləq nəzərə alınmalıdır ki, belə hallara yol verilməsin.
Ziyafət müəllim, mən hesab edirəm ki, buradakı tənqidlərə baxmayaraq, qanun layihəsi, yəni Rəqabət Məcəlləsi normal işlənilib, ikinci oxunuşda bunu qəbul etmək olar və bunun üzərində işləmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd müəllim, buyurun.
Ə. Vəliyev. Sağ olun. Vaxtın azlığını nəzərə alaraq, mən konkret bir neçə məsələni qeyd edəcəyəm. Bu qanun layihəsi, əsasən, iqtisadiyyat sahəsində haqsız rəqabətin ləğvinə istiqamətləndirilib. Mən bunu müsbət qiymətləndirirəm. Lakin qeyd etmək istəyirəm ki, bütün iqtisadi inkişaflar hamısı təhsillə bağlıdır. Ona görə də Ziyad müəllimdən xahiş edirəm, növbəti iclasa qədər mənim təkliflərimi nəzərə alsın. Təhsil sahəsində olan haqsız rəqabətin ləğv olunması ilə bağlı buraya bir maddə salınsın. Təhsil sahəsində rəqabət istiqamətində olan haqsızlıqları, lazım olsa, Ziyad müəllimə yazılı şəkildə verərəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid müəllim, təkid edirsiniz.
Z. Orucov. Hörmətli Ziyafət müəllim, çox sağ olun. İmamverdi müəllim burada olsaydı, deyərdim ki, bizə reqlament iki dəfə verilir. Biri sədarət tərəfindən, biri də hörmətli İmamverdi müəllim tərəfindən. Bilirəm ki, cəmi 3 dəqiqə bizə vaxt verilib. Çalışacağam, qısa danışım.
Mən artıq dərəcədə dərk etmək istəyirəm ki, dillərdə səslənən “inhisar” sözünü kim necə qiymətləndirir. Mənim yadıma gəlir ki, vaxtı ilə Rəsul Quliyev parlamentdə Cavadovları dövlət əleyhinə ittiham edəndə daha çox anladığı strateji məhsullar uğrunda mübarizədən danışırdı. Məsələn, əlvan metal məhsulları uğrunda mübarizədə kimsə kiməsə mane olurdu və bu rəqabətdə kimsə kimisə sıradan çıxarmaq istəyirdi. Sonra mən bu parlamentdə Fərhad Əliyevi gördüm. O da antiinhisar platformasına rəhbərlik edən şəxs kimi özünü göstərmək istəyirdi. Sonra bəlli oldu ki, həmin dövrdə onun qayınatası ölkəyə daşınan taxılın 64 faizinə nəzarət edir. Yenə kimsə özünün böyük siyasi iddialarına həm də iqtisadi baza qazanmaq istəyirdi. Bu da praktikada görünüb.
İndi bizim həmkarlarımız hansısa mövzuları gündəmə gətirirlər və kimlərisə ittiham edirlər. Amma açıq deyim ki, buradakı ittihamların çox böyük bir hissəsi bizə tətbiq olunsa, gərək bir qrup yaxşı mənada mandatını qoyub getsin və normal iqtisadi fəaliyyətlə məşğul olsun. Ona görə hesab edirəm ki, ölkədə mövcud olan bu problemlərin tanınmasını birinci Prezident başlayıb.
Burada siyasi iradəyə toxunuldu. Siyasi iradə odur ki, kimsə, hansısa inhisarçı cəzalandırılanda başqa tərəfdən müdafiə olunub təzədən mübarizəyə qatılmasın.
Mən nə təklif edirəm? Mən hesab edirəm ki, bu qanun layihəsinin bir çox mütərəqqi müddəaları var. Amma o da bəllidir ki, bu layihə də qarışıq sənədlərdən toplanıbdır. Bunun qəbulu Ümumdünya Ticarət Təşkilatına qəbul üçün vacibdirsə, biz bu layihəni beynəlxalq ekspertizaya göndərək və ondan sonra qəbul edərik. Mənim fikrim budur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli, buyurun.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən qanun layihəsini oxumuşam və burada müzakirədə iştirak edən dostlarımız qanunun tələbləri ilə bağlı tənqidi qeydlərini dedilər. Mən də hesab edirəm ki, qanun təkmilləşdirilməlidir.
Amma Ziyafət müəllim, mən burada bir məsələyə toxunmaq istəyirəm. Müxtəlif idarələrdən, nazirliklərdən parlamentə dəvət olunan yoldaşlar müəyyən qayda-qanunlara, etik qaydalara riayət etməlidirlər. Burada yaşlı deputatlar var, onların yaşı qədər təcrübəsi olan deputatlar var, gəlib burada meydan oxuyurlar. Mən Dövlət Gömrük Komitəsini təmsil edən nümayəndəni nəzərdə tuturam. Əgər adamlar bu məsələlərə toxunmaq istəmirlərsə, bu o demək deyil ki, Siz gəlib burada millət vəkillərinə dərs verməlisiniz və parlament üzvlərinin üstünə səsinizi ucaltmalısınız. Sizin təmsil etdiyiniz təşkilat korrupsiyada batır. Bilmək istəyirsənsə, hər dövlət idarəsinin qarşısında bir dənə köşk qoyulub.
Sədrlik edən. Cəmil müəllim, qurtarın, dediyiniz kifayətdir. Mən hesab edirəm ki, Cəmil müəllim sual verdi, o da cavab verdi. Güman eləmirəm ki, burada qeyri-etik söhbət oldu. Ziyad müəllim, sözünüz yoxdur?
Hörmətli deputatlar, bu qanun layihəsi 18 fəsildən ibarətdir. Biz Daxili Nizamnamənin tələblərinə görə onu fəsil-fəsil səsə qoymalıyıq. Amma protokol qaydasında qəbul eləyə bilərik ki, bir neçə fəsli səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, altı-altı səsə qoyaq. Amma səsvermə ilə bərabər protokol qaydasında gərək bu qərarı qəbul edək. Xahiş edirəm, bu qərara münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.12 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Qərar qəbul edildi.
Xahiş edirəm, birinci altı fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.13 dəq.)
Lehinə 85
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Xahiş edirəm, VII fəsildən XII fəslə qədər münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.14 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi.
Xahiş edirəm, XIII fəsildən XVIII fəslə kimi münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.14 dəq.)
Lehinə 83
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Bütövlükdə qanun layihəsinə ikinci oxunuşda münasibətinizi bildirin.


Səsvermənin nəticələri (saat 18.15 dəq.)
Lehinə 87
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU