28.12.2007 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  70

Mill Məclisin  iclas  salonu.
28  dekabr  2007-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:
   
M. Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
İ. İsgəndərov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
E. Qasımov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
İ. Hüseynova, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
M. Abbaszadə, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri.
S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
X. Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Ş. Sadıxov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri.
M. Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin idarə rəisi.
A. Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisinin müavini.
İ. Pirməmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.
İ. Mustafayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
A. Əhmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
F. Qədirov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
Ş. Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri.
S. Xanlarova, Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri.
V. Babazadə, Bakı Dövlət Universitetinin kafedra müdiri.
A. Xələfov, Bakı Dövlət Universitetinin kafedra müdiri.
Ə. Ağayev, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun şöbə müdiri.
Ə. Bayramov, Azərbaycan Dövlət Dillər Universitetinin prorektoru.
M. Cəmilov, Azərbaycan Dövlət Dillər Universitetinin dosenti.
H. İsrafilov, Azərbaycan Dövlət Dillər Universitetinin dosenti.
N. Bayramova, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı.
G. Məmmədova, Azərbaycan İnşaat və Memarlıq Universitetinin rektoru.
Y. Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru.
N. Rzaquliyeva, Bakı Şəhər Təhsil İdarəsinin rəisi.
E. Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti.
R. Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti.
C. Valehov, təhsil məsələləri üzrə müstəqil ekspert.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28  dekabr  2007-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 102
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, mən keçən iclasda iştirak eləmirdim. Gündəlikdə Təhsil haqqında qanun qalıb. Bu qanunun nə qədər vacib olduğunu hamınız bilirsiniz, ona görə bu barədə mənim sizə əlavə nəsə deməyimə ehtiyac yoxdur. Bu, təhsil haqqında çərçivə qanundur. Gələcəkdə ali təhsil, orta təhsil haqqında və peşə təhsili haqqında qanunlar da qəbul olunacaq.
Xahiş edərdim ki, bu qanunun müzakirəsində hamınız fəal iştirak edəsiniz, çünki fikir fikirdən üstün olar. Biz bu qanunu yüksək səviyyədə müzakirə eləməliyik.
Mən hesab edirəm ki, Yeni il qabağı bu qanunu qəbul etməyimiz həm təhsil işçilərinə, həm də xalqımıza bizim gözəl hədiyyəmiz olar.
Hörmətli deputatlar, 12 nəfər millət vəkilinin iştirak etdiyi dostluq qrupu Böyük Britaniyada səfərdə olmuşdur. Hamınıza bəlli olduğu kimi, biz belə bir qənaətə gəlmişik ki, bu cür səfərlərdən sonra Milli Məclisdə hesabat xarakterli çıxışlar olacaq. Ona görə də gəlin, əvvəlcə Çingiz müəllimə söz verək, sonra gündəlikdəki məsələnin müzakirəsinə keçək. Buyurun, Çingiz müəllim.
Ç. Əsədullayev, Milli Məclisin Azərbaycan–Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, cari il dekabr ayının 13-dən 18-dək Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan–Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Böyük Britaniyada işgüzar səfərdə olmuşdur. Səfər Böyük Britaniyanın LİNKS təşkilatının dəstəyi ilə təşkil edilmişdir. Bu səfər haqqında qısa hesabatı diqqətinizə çatdırmaq istərdim.
Səfər çərçivəsində keçirilən tədbirlər sırasında aşağıdakıları xüsusilə qeyd etmək istərdim: bunlar Böyük Britaniyanın energetika üzrə dövlət naziri ilə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələri ilə, York əyalətinin hersoqu şahzadə Endryu ilə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, Şotlandiyanın Baş naziri ilə, Britaniya Parlamentinin Xarici əlaqələr komitəsinin üzvləri ilə və jurnalistlərlə olan görüşlərdir.
Böyük Britaniyanın energetika üzrə dövlət naziri və parlament üzvü cənab Malkolm Visklə görüş zamanı Xəzər regionunun enerji təhlükəsizliyi, Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, eləcə də regionda həyata keçiriləcək gələcək layihələrə dair geniş müzakirələr aparılmışdır. Bu görüşdən sonra Milli Məclisin nümayəndə heyətinin adından Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində ziyafət verilmişdir. Ziyafətdə Böyük Britaniyanın hökumət nümayəndələri, parlament üzvləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişdilər.
York əyalətinin hersoqu şahzadə Endryu ilə Bukinhem sarayında keçən məhsuldar görüş zamanı iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi barədə danışıqlar aparılmışdır. Görüşdə həmçinin Azərbaycanda demokratiyanın, qanunun aliliyi və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımların Britaniya Hökuməti tərəfindən daim dəstəkləndiyi, eləcə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və britaniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına daha fəal şəkildə cəlb edilməsinin vacibliyi vurğulanmışdır.
Səfər zamanı Azərbaycan–Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Britaniya Parlamentinin strukturu və fəaliyyəti ilə yaxından tanış olmuşdur və İngiltərə–Azərbaycan cəmiyyətinin sədri cənab Lord Freyzerin dəvəti ilə həmin təşkilatın 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişlər.
Maraqlı görüşlərdən biri Britaniya Parlamentinin Xarici əlaqələr komitəsinin üzvləri ilə keçirilmişdir. Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və bunun tərkib hissəsi olaraq parlamentlər arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyindən söhbət açıldı. Görüş zamanı Britaniya Parlamentinin Xarici əlaqələr komitəsinin üzvü cənab Fabian Hamilton ilə aparılan fikir mübadilələri xüsusilə maraqlı olmuşdur. Bu görüş ərəfəsində xanım Baronessa Okahoyn ilə qeyri-rəsmi görüş keçirilmişdir. Görüş zamanı ona Dağlıq Qarabağ problemi, Azərbaycanda cərəyan edən proseslər və keçirilən demokratik islahatlar barəsində ətraflı məlumat verilmişdir.
Digər maraqlı görüş Böyük Britaniyanın Xarici İşlər Nazirliyində oldu. Burada biz Britaniya Hökumətinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Brayan Foll, Cənubi Qafqaz bölməsinin başçısı cənab Luis Sevill və Cənubi Qafqaz üzrə Xüsusi araşdırmalar qrupunun rəhbəri cənab Qreyq Olifantla görüşdük. Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində oldu. Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər ədalətli həllini tapmaması, ATƏT-in Minsk qrupu üzvlərinin bu məsələdə nümayiş etdirdikləri passivlik və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməməsindən doğan narahatçılıq ifadə edildi. Görüşdə həmçinin “Cənubi Qafqaz parlament təşəbbüsü” layihəsi çərçivəsində 3 Cənubi Qafqaz dövlətinin parlamentariləri arasında keçirilən görüşlərin Ermənistanın imtinası səbəbindən dayandırıldığı cənab Brayan Follun diqqətinə çatdırıldı. Ümumilikdə, bildirildi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Böyük Britaniyanın daha fəal dəstəyinə ehtiyac var.
Onu da bildirmək istərdim ki, görüş zamanı cənab Brayan Foll Azərbaycanın geosiyasi baxımdan yerini çox maraqlı təsvir etdi. Belə ki, o, sirkulla Bakının ətrafında müəyyən radiusda çevrə çəkərək burada bir çox strateji nöqtələrin birləşdiyini göstərdi və Azərbaycanın regionda mühüm geosiyasi rola malik olduğunu vurğuladı. Eyni zamanda, o, Azərbaycanı Sinqapurla müqayisə etdi, amma Azərbaycanın Sinqapurdan fərqli olaraq zəngin neft və qaz yataqlarına malik olduğunu bildirdi.
Nəzərinizə çatdırım ki, nümayəndə heyətinin bir neçə üzvü Şotlandiyanın paytaxtı Edinburq şəhərinə səfər edərək Şotlandiyanın Baş naziri, Xalq Cəbhəsi Partiyasının üzvləri, eləcə də Şotlandiya ictimaiyyətinin fəal nümayəndələri ilə bir sıra mühüm görüşlər keçirmişdir.
Hörmətli Sədr, hörmətli həmkarlar! Bildiyiniz kimi, bu günlərdə dünya şöhrətli Madam Tüsso muzeyində ümummilli lider Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi olmuş və bizim işçi qrupu böyük qürur hissi ilə bu tədbirdə iştirak etmişdir. Məlum olduğu kimi, bu kolleksiyaya dünya səviyyəsində dahi sayılan insanlar daxil ediliblər. Həmin an biz özümüzü xoşbəxt nəslin nümayəndəsi hesab etdik. Ona görə ki, o dahilərdən birinin – XX əsrin görkəmli siması olan ulu öndər Heydər Əliyevin müasirləriyik. Hesab edirik ki, açılış mərasiminin olduqca yüksək səviyyədə təşkil edilməsi ulu öndərin siyasi davamçısı möhtərəm Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin bəhrəsidir. Ona görə də millət vəkilləri adından ölkə başçısına təşəkkürümüzü çatdırmaq istərdik.
Sonda qeyd etmək istərdim ki, yuxarıda sadalanan tədbirlərin hamısında millət vəkilləri olduqca fəal iştirak etmişlər. Belə ki, keçirilən bütün görüşlərdə nümayəndə heyətinin üzvləri qarşı tərəfə fikir birliyi nümayiş etdirməklə yanaşı, bir sıra vacib məsələlərə dair maraqlı müzakirələr aparmışlar. Bu gün fürsətdən istifadə edərək, Milli Məclis Sədrinin müavini cənab Valeh Ələsgərova, millət vəkilləri Rövşən Rzayevə, Siyavuş Novruzova, Nizami Xudiyevə, Fuad Muradova, Ülvi Quliyevə, Nizami İsgəndərova, Mirkazım Kazımova, Rafael Cəbrayılova, İlyas İsmayılova, Əkrəm İsrafilova və Əli Məsimliyə dərin təşəkkürümü bildirirəm. Nümayəndə heyəti ilə yanaşı keçirilən tədbirlərdə Azərbaycanın Böyük Britaniyadakı səfiri və səfirliyin əməkdaşları da yaxından iştirak etmişlər.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, verilən fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir, Sizə can sağlığı, dövlətimizin tərəqqisi və inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Bu cür ətraflı çıxışa görə çox sağ olun. Hörmətli millət vəkilləri, Təhsil haqqında qanun layihəsinin müzakirəsində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, Təhsil Nazirliyinin idarə rəisləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil işçiləri iştirak edirlər. Müzakirələr zamanı biz onlara da söz verəcəyik və fikir mübadiləsi aparacağıq.
Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyevə söz verilir. Buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bura hamının adı düşüb, nə xəbərdarlıq olmalıdır? Həmişə birinci siz düşməlisiniz? Buyurun, Şəmsəddin müəllim.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, möhtərəm qonaqlar və media nümayəndələri! Təhsil haqqında qanun layihəsinin bu gün Milli Məclisin müzakirəsinə çıxarılması nəinki Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının, bütövlükdə təhsil ictimaiyyətinin, mən deyərdim ki, üçüncü çağırış Milli Məclisin fəaliyyətində çox mühüm hadisə kimi yadda qalacaq. Son 10 il ərzində ciddi müzakirələrə, mübahisələrə səbəb olmuş bu qanunun Azərbaycanın əlamətdar bir günündə, yəni Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ilinin qeyd ediləcəyi ərəfədə müzakirəyə çıxarılması, hesab edirəm ki, bütövlükdə təhsil ictimaiyyətinə çox böyük hədiyyə və Milli Məclisin, onun rəhbərliyinin qəti iradəsinin təcəssümüdür.
Hörmətli millət vəkilləri, danılmaz həqiqətdir ki, təhsil hər bir cəmiyyətin, hər bir dövlətin həyatında önəmli rol oynayan, onun inkişafını, gələcək tərəqqisini müəyyən edən bir sahədir. Təhsil bu gün ümummilli, eləcə də qlobal inkişafın ən mühüm hərəkətverici qüvvəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən aparıcı ölkələri öz gələcək inkişaflarını bilavasitə təhsillə bağlayırlar və təhsilin inkişafına, onun təkmilləşdirilməsinə çox böyük vəsait ayırırlar, ciddi diqqət yetirirlər. Bu mənada Azərbaycan da istisnalıq təşkil etmir.
Hələ 10 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış təhsil strategiyası və konsepsiyası əsasında həyata keçirilən və təhsilin bütün sahələrini özündə əks etdirən geniş islahatlar proqramı bu gün uğurla davam etdirilir və nəticələr göz qabağındadır.
2003-cü ildən etibarən Azərbaycan təhsilinin inkişafında tamamilə yeni bir dövr başlamışdır. Bu dövrü, sözün əsl mənasında, İlham Əliyev dövrü adlandıra bilərik. Bu dövrün təhsilin inkişafı ilə bağlı əsas səciyyəvi xüsusiyyətləri təhsilin dinamik inkişafı, onun yeniləşməsi, modernləşməsi, yeni təhsil texnologiyalarının tətbiqi və dünya təhsil sisteminə uğurla inteqrasiya olunmasıdır.
Hörmətli millət vəkilləri, son 4 il ərzində Azərbaycan təhsilində ciddi irəliləyişlər baş vermişdir. Bu irəliləyişlər yalnız kəmiyyət göstəriciləri deyil, eyni zamanda, ciddi keyfiyyət, məzmun, mahiyyət dəyişiklikləri ilə xarakterizə oluna bilər. Təsəvvür eləyin, bu il təhsilə 1 milyard manatdan çox vəsait ayrılıb və bu, demək olar ki, Azərbaycanın 2000-ci ildəki büdcəsi qədərdir. Bu müddət ərzində Azərbaycan təhsilinin, elminin inkişafına büdcədən ayrılan vəsaitin miqdarı 8 dəfəyə qədər artmışdır və nəticədə Azərbaycan təhsilinin maddi-texniki bazası möhkəmlənmiş, onun ən müasir tələblərə cavab verən infrastrukturu yaradılmışdır.
Son 3 il ərzində Azərbaycanda 1200 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Mən deyərdim ki, əldə olunan bu uğurlar bir onilliyə sığmayan nailiyyətdir. Mən bu sahədə millət vəkili, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm.
Hörmətli millət vəkilləri, təhsilin inkişafındakı bu dinamizm Azərbaycanın ictimai-siyasi həyatının digər sahələrində olan proseslərə tam adekvatdır. Azərbaycan cəmiyyətinin bütün sahələrində bu gün ciddi irəliləyişlər, dəyişikliklər baş verir. Yeni proseslərə uyğun olaraq da təhsil sistemimiz dəyişməli, inkişaf etməli, dünya təhsil məkanına uyğunlaşmalı, inteqrasiya olunmalıdır.
Bu gün təhsildə 14-ə yaxın dövlət proqramı uğurla həyata keçirilir. Bu proqramlar təhsil fəaliyyətinin bütün sahələrini əhatə edir. Əlbəttə, təhsildəki bu uğurlar, əldə olunan nəticələr, heç şübhəsiz ki, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı ilə bilavasitə əlaqədardır. Mən tam səmimiyyətlə demək istəyirəm ki, əgər təhsilə ölkə Prezidenti tərəfindən bu qədər əhəmiyyət və diqqət verilməsəydi, yəqin ki, biz bu gün Təhsil haqqında qanun layihəsini də müzakirəyə çıxara bilməzdik. Ölkə Prezidenti cənab İlham Əliyev son çıxışlarında təhsili nəinki ümummilli inkişafın prioritet sahəsi hesab etmiş, eyni zamanda, onu gələcək inkişaf perspektivlərimizi müəyyən edən ən mühüm sahə kimi qeyd etmişdir. İcazə verin, Elm və təhsil məsələləri daimi komissiyasının üzvləri adından, eləcə də təhsil ictimaiyyəti adından təhsilə və təhsil işçilərinə göstərdiyi bu qayğı və diqqətə görə ölkə başçısına dərin təşəkkürümü və minnətdarlığımı bildirim. Fürsətdən istifadə edərək Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə cənab Prezidenti təbrik edim, ona möhkəm can sağlığı, yeni-yeni uğurlar, Azərbaycanın taleyüklü məsələlərinin həll olunmasında müvəffəqiyyətlər arzu edim.
Hörmətli millət vəkilləri, hamınıza yaxşı məlumdur ki, fəaliyyətdə olan Təhsil Qanununun qəbul olunmasından 15 il, yeni qanunun üzərində işə başlanmasından isə 10 ildən çox vaxt keçir. Mən deyərdim ki, bu müddət ərzində Azərbaycan cəmiyyətində ən çox müzakirə edilən, mübahisə və tənqid hədəfi olan məhz bu qanun olub. Ona görə də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası öz fəaliyyətinə məhz bu məsələnin həllindən başlamışdır.
Burada işçi qrupunun üzvləri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşları əyləşiblər. Onlar çox gözəl bilirlər ki, bu qanun layihəsi çox ciddi araşdırmalardan sonra ərsəyə gəlib və bir il bundan əvvəl tam hazır vəziyyətdə müzakirəyə təqdim olunub. Bu günə qədər də qanun layihəsi çox geniş ictimai müzakirələrdən keçib. Bu məsələlər dəfələrlə işçi qrupu səviyyəsində dövri mətbuatda, mediada və eyni zamanda, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasında digər təşkilatlarla, xüsusilə qeyri-hökumət təşkilatları ilə birlikdə müzakirə olunmuşdur. Qanun layihəsinə dair, ümumilikdə, beş yüzdən çox təklif və irad bildirilmişdir.
Mən yalnız bir müzakirəni sizin yadınıza salmaq istəyirəm. May ayında Milli Məclisin Sədri hörmətli Oqtay müəllimin sədrliyi ilə keçən müzakirəni nəzərdə tuturam. Həmin müzakirədə, demək olar ki, bu gün təhsillə bağlı olan bütün nazirliklərin, komitələrin və digər təşkilatların nümayəndələri, millət vəkilləri, ekspertlər, işçi qrupunun üzvləri, rektorlar, məktəb direktorları, müəllimlər iştirak edirdilər. Sözügedən müzakirə bir gün davam etdi. Həmin müzakirədə çox dəyərli, çox konstruktiv təkliflər verildi. Bu müzakirədən altı ay keçib. Bu dövr ərzində biz ümumiləşdirmələr aparmışıq, son layihəni Milli Məclisin çox səriştəli hüquqşünasları ilə birlikdə bir daha müzakirədən keçirmişik.
İki gün bundan öncə isə komissiyanın genişləndirilmiş tərkibdə keçirilən iclasında Təhsil haqqında qanun layihəsi bir daha müzakirədən keçirildi və yekdilliklə qərara alındı ki, layihə Milli Məclisin müzakirəsinə çıxarılsın, onun konsepsiyası barəsində fikir mübadiləsi aparılsın və təsdiq olunsun. Mən bəri başdan bütün millət vəkillərindən xahiş edərdim ki, konstruktiv təkliflərlə çıxış etsinlər və bu layihənin dəstəklənməsi üçün bizə yardımçı olsunlar.
Hörmətli millət vəkilləri, bayaq qeyd etdiyim kimi, qüvvədə olan Təhsil Qanununun qəbul olunmasından çox böyük bir dövr – on beş ildən artıq bir vaxt keçmişdir. Mən çıxışımın əvvəlində nəzərinizə çatdırdım ki, bu dövr ərzində Azərbaycan təhsilinin inkişafında çox ciddi irəliləyişlər və dəyişikliklər baş vermişdir, təhsilin maddi-texniki bazası, infrastrukturu dəyişmişdir. Azərbaycan təhsilində çox ciddi mahiyyət və məzmun dəyişiklikləri baş vermiş, yeni təhsil texnologiyaları tətbiq olunmağa başlamışdır. Təhsil sferasında informasiya-kommunikasiya vasitələrindən hərtərəfli istifadəyə nail olunmuşdur.
Azərbaycan beynəlxalq konvensiyalara qoşulmuşdur. Biz Boloniya sisteminə qoşulmuşuq və 2005-ci ildə bu konvensiyaya imza atmışıq. 2010-cu ilə qədər bu prosesi tam başa çatdırmaq əzmindəyik. Digər məsələləri sadalayıb vaxtınızı almaq istəməzdim. Bütün bunlar, ümumilikdə, təhsil fəaliyyətində münasibətlər sistemini dəyişmişdir. Buna görə də təhsilin inkişafı, onun cəmiyyətin bütün sahələrində gedən proseslərə adekvat olaraq dəyişməsi qanunçuluq bazası ilə, sözün əsl mənasında, bir uyğunsuzluq yaratmışdır. Daha dəqiq desək, Azərbaycan təhsilinin inkişafı onun qanunvericilik bazasını xeyli qabaqlamış, üstələmişdir. Bu gün qüvvədə olan qanun bəzi hallarda hətta təhsilin bu və ya digər məsələlərinin həll olunmasında bir maneəyə də çevrilmişdir.
Bir faktı da nəzərinizə çatdırmaq istərdim. Dünya təhsil sistemi də bir yerdə dayanmır, daim inkişaf edir. Dünyanın təhsil məkanı çox rəqabətli bir mühitə çevrilmişdir. XXI əsrdə dünya tamamilə başqa bir dövrə – informasiya və intellekt cəmiyyətinə qədəm qoymuşdur. Belə bir şəraitdə dünyada təhsil sahəsində tamamilə yeni çağırışlar meydana gəlmişdir. Təhsilin keyfiyyəti, səmərəliliyi, ayrı-ayrı ölkələrin təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması, unifikasiya olunması, təhsildə mobilliyin təmin olunması və sair bu kimi çox ciddi, yeni proseslər baş vermişdir. Bütün bunlar da öz növbəsində təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsini daha da aktuallaşdırmışdır. Ona görə də mən hesab edirəm ki, bütün bunlar bu gün Təhsil haqqında yeni qanunun hazırlanmasını obyektiv bir zərurətə çevirmişdir və buna cəmiyyətimizin bütün üzvləri tərəfindən çox ciddi bir sosial tələbat, çox ciddi sosial sifariş vardır. Ona görə də mən xahiş edərdim ki, müzakirədə bu məsələlərə ciddi fikir verəsiniz.
Adətən, qanun layihəsinin birinci oxunuşu onun konsepsiyası ilə bağlıdır. Ona görə də mən istərdim ki, müzakirəyə təqdim olunan Təhsil haqqında qanun layihəsinin konseptual məsələləri ilə sizi tanış edim və bunun üzərində ətraflı dayanım.
İlk öncə demək istəyirəm ki, yeni qanun layihəsinin konseptual əsaslarını ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış təhsil strategiyası və ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq bu sahədə, eləcə də cəmiyyətimizin təhsillə bağlı digər sahələrində nəzərdə tutduğu proqram xarakterli konsepsiyalar təşkil edir. Maddi kapitalın insan kapitalına çevrilməsi, neftlə neftsiz iqtisadiyyat yaratmaq konsepsiyası və nəhayət, davamlı inkişafın təmin olunması bilavasitə insan kapitalı ilə bağlıdır. İnsan kapitalı isə təhsil sferasında formalaşır. Bu, olduqca ciddi və prioritet məsələdir. Mən deyərdim ki, Prezidentimiz bu məsələyə ölkənin milli təhlükəsizliyi qədər əhəmiyyət verir və bu gün onu strateji əhəmiyyət kəsb edən bir sahə kimi bizim nəzərimizə çatdırır. Biz də bu məsələləri mütləq nəzərə almalıyıq.
Bir daha təkrar edirəm ki, məhz bu konsepsiyalar yeni təhsil qanununun əsas özəyini, əsas məzmununu, konseptual əsasını təşkil edir. Təhsil haqqında qanunun konsepsiyası mövcud vəziyyət, yeniləşmə və inkişaf triadasında, demək olar ki, təhsilin bütün proseslərini və pillələrini əhatə edir. Başqa sözlə desək, konsepsiyanın hazırlanmasında sistemli yanaşma əvvəldən axıra qədər özünü göstərir. Bəzi məqamlarda bu və ya digər məsələnin hüquqi təminatı tam açılmırsa, digər maddələrdə onun hüquqi əsasının yaradılması üçün müvafiq maddələr nəzərdə tutulub.
Hörmətli millət vəkilləri, tamamilə aydındır ki, Təhsil haqqında qanun birinci növbədə Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan təhsil hüquqlarının təmin olunması istiqamətində dövlət siyasətini və onun prinsiplərini müəyyən edir. Eyni zamanda, yeni qanun çərçivə qanunu olmaq etibarilə təhsilin bütün pillələrini əhatə edən digər törəmə qanunların da qəbul olunmasında baza rolunu oynayacaqdır. Mən sizdən bu məsələyə xüsusi diqqət verməyinizi xahiş eləyirəm. Təsəvvür edin, əgər bu qanun qəbul olunarsa, bundan sonra ən azı 10–12 qanunun qəbul olunması nəzərdə tutulur və yekunda Azərbaycan Respublikasının Təhsil Məcəlləsinin ortaya çıxması gözlənilir. Bu qanunda bütün məsələlərin, mexanizmlərin xırdalıqlarla açılması qeyri-mümkündür. Əgər belə olsaydı, onda bu qanun layihəsi ən azı 700–800 səhifə olardı və bunu da müzakirə etmək, təbii ki, mümkün olmazdı. Ona görə də biz çalışmışıq, burada yalnız əsas və konseptual müddəaları əks etdirək ki, qəbul olunacaq qanun beynəlxalq konvensiyalara, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə uyğun gəlsin, onlarla heç bir ziddiyyət təşkil etməsin və bundan sonra qəbul olunacaq qanunlara maneə yaratmasın.
Hörmətli millət vəkilləri, biz həm də çalışmışıq ki, Təhsil haqqında qanun təhsil hüquqlarının təmin olunması ilə yanaşı, ən mühüm bir məsələni – təhsili idarə edən orqanlarla, təhsil subyektləri, yəni təhsil alanlarla təhsil verənlər, eləcə də fiziki və hüquqi şəxslər arasında formalaşmış mürəkkəb münasibətlər sistemini tənzimləyəcək normativ hüquqi bazanın yaradılmasını təmin etsin. Bax, bu qanun belə bir vəzifəni öz üzərinə götürmüşdür. Mən hesab eləyirəm ki, işçi qrupunun və komissiyanın təqdim etdiyi bu layihə konseptual cəhətdən həmin tələblərə tamamilə cavab verir.
Hörmətli millət vəkilləri, biz Təhsil haqqında qanunun konsepsiyasını hazırlayarkən ulu öndərimiz Heydər Əliyevin bir müdrik kəlamını əsas tutmuşuq: “Təhsilin inkişafında inqilabi yolla deyil, tədricən, ardıcıl olaraq, təkamül yolu ilə getmək lazımdır”. Biz bu prinsipi Təhsil haqqında qanunun hazırlanmasında rəhbər tutmuşuq. Eyni zamanda, Təhsil haqqında qanun layihəsi hazırlanarkən dünya təhsil sistemində, dünya ölkələrinin təhsil təcrübəsində mövcud olan ən müasir yeniliklər öyrənilmiş və milli dəyərlərin prioritetliyinin saxlanılması şərti ilə onlar nəzərə alınmışdır.
Bir məsələni bir daha nəzərinizə çatdırmaq istəyirəm. Bu qanun çərçivə qanundur və burada yalnız ümumi cəhətlər, konseptual məsələlər öz əksini tapmışdır. Təhsil haqqında qanun layihəsinin hazırlanmasında nəzərə aldığımız ən mühüm konseptual yanaşma prinsipi təhsil sahəsində mövcud olan münasibətlərin və baş verən proseslərin yalnız hüquqi müstəvidə həll olunmasına nail olmaqdır. Başqa sözlə desək, istəyimiz budur ki, bu gün təhsil sistemindəki münasibətlər yalnız qanun çərçivəsində həll olunsun, qanundan kənarda baş verə biləcək hər hansı bir prosesin, fəaliyyətin minimuma endirilməsi üçün çox ciddi nəzarət sistemi formalaşdırılsın.
Sizin yaxşı yadınızdadır ki, bir il bundan öncə Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən, təhsil sistemimiz üçün bir ləkə olan onlarca təhsil müəssisəsinin fəaliyyəti dayandırıldı və ləğv edildi. Bunun əsas səbəblərindən biri məhz bu sahədə çox ciddi qanun boşluğunun mövcud olması idi. Fəaliyyətdə olan Təhsil Qanununda bu məsələlərin hüquqi müstəvidə həll olunması üçün heç bir müddəa yox idi. Təqdim olunan Təhsil haqqında qanunda isə məsələ tamamilə başqa əsasda qoyulmuşdur. Əgər qanun layihəsinə baxsanız, bir neçə maddədə göstərilir ki, yalnız xüsusi razılıq (lisenziya) almış və akkreditasiyadan keçmiş təhsil müəssisələri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərə bilər. Burada beynəlxalq akkreditasiya da istisna olunmur. Yəni bu, tamamilə çərçivəyə alınmır və eyni zamanda, həmin müəssisələrin bütün digər komponentləri qəbul olunmuş təhsil standartlarına və digər normativ hüquqi, maliyyə, maddi və sair normativlərə uyğun gəlməlidir. Bu müddəa qanun layihəsinin lisenziyalaşdırma və akkreditasiya, ali təhsil müəssisəsinin təhsil sənədləri, təhsilin idarə edilməsi, icra hakimiyyəti orqanlarının səlahiyyətləri ilə bağlı olan maddələrində ardıcıl və sistemli şəkildə tamamlanmışdır. Nəticədə qeyri-qanuni fəaliyyət göstərmək məsələsində hər hansı bir təşəbbüsün sıfıra endirilməsinə imkan yaradan bir konsepsiya hazırlanmışdır.
Hörmətli millət vəkilləri, hamınıza yaxşı məlumdur ki, təhsil prosesinin müvəffəqiyyəti, keyfiyyəti və səmərəliliyi birinci növbədə, təhsilin həyata keçirildiyi mühitdən asılıdır və orada formalaşır. Yəni bütün bunlar təhsil prosesinin əsas vəzifəsi olan təhsil müəssisəsi ilə bağlıdır. Bu mənada qanun layihəsində təhsil müəssisəsinə aid olan, yəni təhsil müəssisəsinin fəaliyyətini nizamlayan, tənzimləyən, onun üçün hüquqi təminat yaradan bütün məsələlər, bütün cəhətlər öz əksini tapmışdır. Qanunda ilk dəfə olaraq, təhsil müəssisələrini mülkiyyət formasına görə deyil, təsisçiyə görə üç qrupa – dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinə ayrılmışdır. Bu yanaşma ilə bağlı olaraq təhsil müəssisəsinin statusu, fəaliyyəti, təhsil müəssisəsinin idarə edilməsi, təhsil müəssisəsinin fəaliyyətinin təşkil olunması, maliyyələşdirilməsi, təhsil müəssisəsinə qəbul və digər məsələlər qanun layihəsində məhz bu kontekstdən izah olunur və məhz bu kontekstdən onun hüquqi təminatı yaradılır. Mən hesab eləyirəm ki, bu da çox mütərəqqi bir yanaşmadır. Təhsil müəssisəsinin idarə olunmasında təsisçinin müstəsna səlahiyyətləri prinsipi qanun layihəsində ən aparıcı prinsiplərdən biri kimi qəbul olunmuşdur. Yəni dövlət təhsil müəssisələrinin idarə olunması bilavasitə dövlətin, bələdiyyə müəssisələri bələdiyyələrin, özəl təhsil müəssisələri isə təsisçinin və yaxud da təsisçilər qrupunun səlahiyyəti çərçivəsində həyata keçirilməlidir. Məhz bu baxımdan təhsil müəssisəsinin rəhbərlərinin göstərilən konseptual əsasda təyin olunması qanun layihəsində təsbit olunmuşdur.
Hörmətli millət vəkilləri, bu gün nəinki milli təhsilimizdə, ümumiyyətlə, dünya təhsil sistemində ən aparıcı istiqamətlərdən biri təhsil fəaliyyətinin liberallaşdırılmasıdır. Liberallaşdırma, istəsək də, istəməsək də, bu gün təhsil bazarında rəqabəti artırır və bununla da inkişafa təkan verir. Lakin bununla belə, nəzərə alaq ki, təhsil strateji əhəmiyyətli bir fəaliyyət sferasıdır və burada liberallaşma ilə yanaşı, eyni zamanda, ciddi nəzarət sisteminin təşkil olunmasını təmin edən hüquqi təminatın yaradılması da çox önəmli rol oynayır. Qanun layihəsində bu məsələlərə də çox ciddi diqqət yetirilmişdir.
Hörmətli millət vəkilləri, nəzərinizə çatdırmaq istəyirəm ki, sizə təqdim olunan Təhsil haqqında qanun layihəsində dünyanın inkişaf etmiş dövlətlərinin, xüsusilə bizim inteqrasiya olunduğumuz, qoşulduğumuz Boloniya prosesinin iştirakçısı olan ölkələrin, eləcə də MDB respublikalarının təhsil təcrübəsi öyrənilərək, eyni zamanda, öz milli təhsil ənənələrimiz, adət və xüsusiyyətlərimiz nəzərə alınaraq Azərbaycan təhsil sisteminin yeni modeli təqdim edilir. Bu modelin əsas fərqli xüsusiyyəti nədən ibarətdir? Fasiləsiz təhsilin və təhsilin ayrı-ayrı pillələri arasında dialektik vəhdətin təmin olunması, keyfiyyətli təhsil, təhsilin səmərəliliyi, aşkarlıq, şəffaflıq, demokratik dəyərlərin təhsilə geniş şəkildə nüfuz etməsi və sair bu kimi prinsiplər təqdim olunan modelin əsas mahiyyətini və məzmununu ifadə edir.
Qanun layihəsindən göründüyü kimi, Azərbaycan Respublikasında təhsil 3 yaşdan başlayır və bu, məktəbəqədər təhsil adlanır. Məktəbəqədər təhsil 3–5 yaşlı uşaqlar üçün nəzərdə tutulub və ilk dəfə olaraq 5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlığın icbariliyi müəyyənləşdirilib. Diqqət yetirmək lazımdır, burada icbari təhsildən yox, məktəbəqədər hazırlıqdan söhbət gedir. Bu, məcburi olmalıdır. Bilirsiniz, bu gün ətrafımızda gedən proseslər, təhsilin yeni tədris texnologiyaları ilə təchiz olunması, sürətlə dəyişən, yeniləşən iqtisadiyyatımız, daha intensiv həyat tərzi və sair tələb edir ki, təhsilin bu səviyyəsində məhz məktəbəqədər hazırlıq həyata keçirilsin. Məktəbəqədər hazırlıq yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, digər müəssisələrdə və eyni zamanda, ailələrdə də həyata keçirilə bilər. Təhsilin bu pilləsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən həyata keçirilməsi qanun layihəsində nəzərdə tutulmuşdur.
Qanun layihəsində ən mühüm, bəlkə də ən çox mübahisə doğuracaq hissə ümumi orta məktəb təhsili ilə bağlıdır. Gördüyünüz kimi, ümumi orta məktəb təhsili 3 pillədən ibarətdir: ibtidai təhsil, ümumi orta təhsil (icbari) və tam orta təhsil. İcbari təhsili 2 il aşağı, yəni 11-ci sinifdən 9-cu sinfə endirilir. Burada, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşlarının təhsil hüququ ilə təmin olunması istiqamətində nəzərdə tutulmuş müddəalarının tələbləri gözlənilmiş və heç bir ziddiyyət təşkil etməmişdir və hesab edirik ki, bunun çox böyük üstünlükləri vardır. Əvvəla, məsələ ondadır ki, biz oxumaq istəməyən, oxumaq arzusunda və yaxud oxumaq iqtidarında olmayanların məcburi olaraq növbəti təhsil pilləsinə keçirməkdən birdəfəlik yaxa qurtarırıq. İkinci isə bununla biz bu gün iqtisadiyyatımızın və xidmət sferasında çox ciddi tələbat duyulan ixtisaslı kadrların yetişdirilməsi ilə bilavasitə məşğul olan ilk peşə-ixtisas təhsili müəssisələrinə məzunların axınını gücləndirə və təhsilə dövlət tərəfindən sərf olunan vəsaitin xeyli aşağı salınmasına nail ola bilərik. Təhsilin bu səviyyəsində yekun attestasiyanı keçirməklə ən savadlı və yaxşı nailiyyətlər əldə etmiş şagirdlərin növbəti pilləyə keçirilməsini təmin edə bilərik. Lakin cəmiyyətdə belə bir yanlış fikir yaranmasın ki, bu qanun layihəsi 9-cu sinifdən 10-cu sinfə keçmək arzusunda olanların qarşısında çox ciddi bir maneə yaradır. Qətiyyən belə deyil. Bu arzuda olanlar aşağı qiymətlərlə də növbəti pilləyə keçə bilərlər. Onlar həm də ilk peşə-ixtisas təhsilini bitirəndən sonra yenidən orta və ali ixtisas məktəblərinə daxil olmaq imkanları əldə edirlər, çünki ilk peşə-ixtisas təhsili sistemində məzunlara ixtisas, peşə sertifikatları ilə yanaşı, həm də tam orta təhsili bitirmək haqqında sənəd verilir.
Növbəti pillə tam orta təhsildir. Tam orta təhsildə təhsilin sırf təmayüllər üzərində aparılması məsələsi ciddi qoyulur. Başqa sözlə desək, artıq bu pillədə təhsilin tamamilə yeni kurrikuluma əsaslanaraq bir sıra ixtisaslar, təmayüllər üzrə aparılması təmin olunmalıdır. Bu, şübhəsiz ki, təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərəcək və bu gün Azərbaycan cəmiyyətində geniş vüsət almış repetitorluq təcrübəsinin qarşısının alınmasında ciddi addım olacaqdır. Bu, eyni zamanda, gələcəkdə vahid test sisteminin tətbiqinə şərait yaradacaqdır, çünki təmayülləşən məktəblərdə vahid test imtahanının keçirilməsi olduqca asanlaşır. Mən tam məsuliyyətilə deyə bilərəm ki, bu gün vahid test imtahanının tətbiq olunması mümkün deyil, çünki bunun üçün maddi-texniki baza yoxdur, həm də orta məktəb şagirdlərimiz bu prosesə hələ hazır deyillər. Bunun üçün müəyyən bir müddət tələb olunacaq.
Hörmətli millət vəkilləri, gördüyünüz kimi, təhsilin növbəti pilləsi orta peşə-ixtisas təhsili pilləsidir. Mən ilk peşə-ixtisas təhsili haqqında danışdım. Burada da çox ciddi yeniliklər nəzərdə tutulur. Əvvəla, bu yenilik ondan ibarətdir ki, bu pilləni qurtaran məzunlar artıq kiçik mütəxəssis deyil, subbakalavr, yəni bakalavrdan bir qədər aşağı, amma kiçik mütəxəssisdən xeyli yuxarı peşə-ixtisas dərəcəsi alacaqlar. Qanun layihəsinin ayrı-ayrı maddələrində orta peşə-ixtisas təhsili proqramlarının (kurrikulumların) ali təhsil proqramlarına tam nüfuz etməsi, qovuşması məsələsi qoyulmuşdur ki, bu da dünya ölkələrində mövcud olan bir sistemin tətbiq olunmasına imkan yaradacaqdır. Yəni bu pilləni ən yüksək qiymətlərlə başa vuran məzunların ali məktəblərin birinci və ya ikinci kurslarına imtahansız qəbul olunma məsələsi təmin olunacaqdır. Qanunda təhsilin ali təhsilə qədər olan pillələrində stimullaşdırıcı vasitələrin təmin olunması prinsip kimi nəzərdə tutulmuşdur. Yəni təhsilin keyfiyyətinin yüksəldilməsi üçün digər vacib şərtlərlə yanaşı, həm də şagirdlərdə ciddi stimul yaradacaq amillərdən istifadə etməni vacib bilmişik.
Məsələn, orta məktəblərdə qızıl və gümüş medalların verilməsi məsələsini götürək. Bunlar qəbul prosesində şagirdlərə heç bir üstünlük gətirməyəcək, lakin işçi qrupu və komissiyamız əmindir ki, bu onların təhsildə daha yüksək nəticələr əldə etməsinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda da, bu, nüfuzdan düşmüş, amma bu gün cəmiyyətdə hədsiz dərəcədə tələbat duyulan təhsilin bu pilləsinin nüfuzunun yüksəldilməsinə və ora hazırlıqlı tələbələrin axınına əlavə bir stimul olacaqdır.
Hörmətli millət vəkilləri, ali təhsil bu gün hamımızı narahat edən və cəmiyyətimizin bütün sahələrinin inkişafına çox ciddi təsir göstərə bilən bir sahədir. Burada hər hansı bir dəyişikliyin edilməsi hökmən ölçülüb-biçilməlidir, çünki burada gələcəyin mütəxəssisləri, alimləri formalaşırlar. Bu təhsil pilləsini bitirən gənclər gələcəkdə ölkəni irəliyə apara, onun elmini, təhsilini, texnikasını yüksəldə bilərlər.
Biz bu pillənin strukturunu müəyyən edərkən dünya ölkələrinin təcrübəsini öyrənmişik. İnanın ki, yüzdən çox ölkənin təcrübəsi öyrənilib. Elə bir konkret bir model də yoxdur, deyəsən ki, bunu tətbiq etsək, ən yüksək nəticə əldə edərik. Digər bir tərəfdən, dünyada elə bir model tanımıram ki, onu nəinki təhsilə, ümumiyyətlə, iqtisadiyyata və digər sahələrə mexaniki surətdə tətbiq etmək mümkün olsun. Burada milli xüsusiyyətlər, yerli faktorlar, oturuşmuş müəyyən sistemlər, bazar münasibətləri sistemi və sair mütləq nəzərə alınmalıdır. Bu baxımdan qanunda təklif olunur ki, ali təhsilin quruluşu Boloniya sisteminə müvafiq olaraq müəyyənləşdirilsin, çünki biz bəyannaməyə imza atmışıq, öz üzərimizə müvafiq öhdəliklər götürmüşük. Orada ali təhsilin çoxpilləli, xüsusilə də üçpilləli prinsipi birmənalı şəkildə öz əksini tapmışdır. Bu yaxınlarda keçirilən nazirlərin görüşündə də onların hamısına tövsiyə olunmuşdu ki, məsələni 2010-cu ilə qədər yekunlaşdırmaq məqsədəuyğundur. Təhsil naziri hörmətli Misir müəllim burada əyləşib, yəqin, o da bunu təsdiq edər. Mən “ali təhsilin üçpilləliyi”ni deməzdim. Burada yaxşı olar ki, “sikl” sözündən istifadə edək. Azərbaycan dilində bu sözün qarşılığını tapa bilmədim. Lüğətdə də bu söz belə gedir. “Mərhələ” demək olar. Axı, bu, tədris kurrikulumları ilə, tədris proqramları ilə bağlıdır. Ona görə də birinci mərhələni biz “bakalavriat” adlandırmışıq. Dünyada bakalavriat pilləsinin müddəti 3 ildən az, 4 ildən çox olmamaq şərti ilə müəyyənləşdirilib. Qanunla bu məsələ müvafiq icra hakimiyyəti orqanının ixtiyarına verilir və əminik ki, artıq bu məsələ öz həllini tapıb.
Hörmətli millət vəkilləri, bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, guya bakalavriat təhsil pilləsini bitirən məzunların diplomları ali təhsil diplomu deyil. Çox yanlış bir fikirdir. Tam məsuliyyətilə deyirəm ki, bu, ali təhsil diplomudur. Qanun layihəsində bu, nəzərə alınıb və bakalavr diplomlu mütəxəssislərin hansı sahələrdə fəaliyyət göstərməsi qeyd olunub. Bakalavriat təhsil pilləsini bitirmiş məzunlar üçün istisna yalnız elmi-pedaqoji fəaliyyətlə bağlıdır. Onların gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaları üçün də bu qanun layihəsində heç bir maneə yoxdur. Növbəti pillədə, yəni magistraturada təhsilini davam etdirdikdən sonra onlar elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Növbəti pillə magistraturadır. Bu pillədə təhsil müddəti 2 il nəzərdə tutulur. Bu pilləni bitirənlərə “magistr” ali elmi-ixtisas dərəcəsi verilir. Xahiş edirəm, diqqət yetirin, bu, elmi-ixtisas dərəcəsidir, peşə-ixtisas dərəcəsi kimi qəbul olunmur.
Üçüncü pillə doktoranturadır. İndi sual oluna bilər ki, əgər magistr elmi-ixtisas dərəcəsidirsə, nəyə görə doktorantura ikipilləli müəyyən edilir? Hörmətli millət vəkilləri, mən tam məsuliyyətilə deyirəm ki, bu gün bizim magistr hazırlığı proqramlarımızın elmi çəkisi birdən-birə birpilləli doktor hazırlığına keçməyə kifayət etmir. Bu istiqamətdə çox ciddi işlər görülməlidir. Hazırda məndə olan məlumata görə, ali məktəblərdə magistr proqramlarının və onun dövlət standartlarının minimum tələbləri hazırlanır. Biz artıq neçə ildir ki, bu işlə məşğuluq, amma bu günə qədər minimum dövlət standartları ortada yoxdur. Ona görə də bu sahədə tələsikliyə yol vermək olmaz. Biz doktorluq elmi dərəcəsi almaq üçün ikipilləli təhsil-tədqiqat sistemini saxlamışıq. Bəzən deyirlər ki, doktoranturanın ikinci pilləsi elmi təhsil deyil. Biz sovet dönəmindən qalan bir ifadəyə adət etmişik: ali təhsildən sonrakı təhsil, əgər ali təhsil təhsilin ən yüksək səviyyəsidirsə, bundan sonra hansı təhsildən söhbət gedə bilər? Yox, olarsa, bu, artıq təhsilin fasiləsizliyi deyil.
İkinci, əgər doktorantura ali təhsildən sonrakı təhsildirsə, onda ali təhsilin özündə niyə olmasın? Məgər ali təhsil təhsil deyilmi? Lap elə linqvistik baxımdan da yanaşsan, burada heç bir ziddiyyət doğurmayan müddəalar qanun layihəsində əks etdirilmişdir. Doktoranturanın birinci pilləsini qurtaranlar fəlsəfə doktoru, növbəti pilləsini başa vuranlar isə elmlər doktoru alimlik dərəcəsinə yiyələnəcəklər. Dünya təcrübəsində bu pillədə təhsil müddəti 7–8 il nəzərdə tutulur ki, yəqin, bizdə də bu, qəbul olunacaqdır.
Sədrlik edən. Şəmsəddin müəllim, mən üzr istəyirəm, artıq 45 dəqiqədir danışırsınız, xahiş edirəm, yekunlaşdırın. Siz 20 dəqiqə ərzində qanunu əsaslandırdınız, qalan müddətdə isə elmi çıxış etdiniz. Ona görə də xahiş edirəm, 5 dəqiqəyə yekunlaşdırın. Buyurun.
Ş. Hacıyev. Hörmətli millət vəkilləri, bayaq dediyim kimi, bu qanunda təhsil fəaliyyətinin bütün sahələrini özündə ehtiva edən ayrı-ayrı maddələr nəzərdə tutulub. Bu maddələr bu gün təhsil sferasında formalaşan bütün münasibətlər sisteminin hüquqi bazasının yaradılmasına tamamilə təminat verir. Xüsusilə də layihədə təhsilin idarə edilməsində qeyri- mərkəzləşdirmənin gücləndirilməsi, istər maliyyə, istərsə də kadr siyasəti baxımından təhsil müəssisələrinin müstəqilliyinin artırılması, eləcə də təhsil verənlərin və təhsil alanların hüquq və vəzifələri, onların sosial müdafiəsi istiqamətində çox ciddi müddəalar nəzərdə tutulub. Təhsilin ən prioritet sahələrinin gələcək inkişafını və maliyyələşdirilməsini özündə ehtiva edən Təhsil fondunun yaradılması nəzərdə tutulur.
Ən mühüm məsələ təhsil alanların sərbəst seçim imkanlarının artırılması, onların təhsil müəssisəsinin fəaliyyətində, ictimai həyatında, idarə olunmasında maksimum iştirakının təmin olunmasının hüquqi bazasının yaradılmasıdır. Bu, müxtəlif istiqamətlərdə nəzərdə tutulur. Təhsil alanların həm orta ixtisas və ali məktəbləri, həm təhsil proqramlarını, həm təhsil pilləsini, həm də yeni kredit sistemi ilə bağlı müəllimləri və məsləhətçiləri sərbəst seçmək imkanı qanun layihəsinın müvafiq müddəalarında öz əksini tapmışdır. Eyni zamanda, qəbul imtahanlarında seçim imkanının yaradılması məsələsi də qanunun ayrı-ayrı maddələrində təsbit edilmişdir. Çox böyük yeniliklər təhsilin maliyyələşdirilməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı suallar olarsa, biz onları cavablandıra bilərik. Mən hesab edirəm ki, sizə təkmil bir qanun layihəsi təqdim olunub. Bu qanun Azərbaycan təhsilinin reallığını, onun inkişaf istiqamətlərini və gələcək perspektivlərini özündə əks etdirərək bu proseslərin düzgün məcrada davam etməsi üçün müvafiq normativ hüquqi bazanın yaradılmasına tam təminat verir. Ona görə də hörmətli millət vəkilləri, mən sizin hamınızdan xahiş edirəm ki, bu qanun layihəsini dəstəkləyəsiniz, ona müsbət səs verəsiniz.
Hörmətli Sədr, mən Təhsil haqqında qanun layihəsinin bu gün müzakirəyə çıxarılması üçün çox qəti bir iradə nümayiş etdirdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Mən komissiyamızın adından Sizi əmin edirəm ki, biz nəinki bu qanunla bağlı veriləcək təklif və iradları nəzərə alacağıq, ümumiyyətlə, təhsil sahəsinə aid olan digər qanunların hazırlanması istiqamətində də işimizi daha da sürətləndirəcək və günün tələbləri səviyyəsində quracağıq. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Şəmsəddin müəllim. Siz 45 dəqiqədən artıq çıxış etdiniz, amma qanun layihəsini mən də dəfələrlə oxumuşam, onun məğzini hərtərəfli əhatə etməyə imkanınız çatmadı. Siz təqdimatda fikirlərinizi daha çox əsaslandırmağa çalışdınız. Güman edirəm ki, daimi komissiyanın, habelə işçi qrupunun üzvləri çıxışlarında qanun layihəsinin əhatə olunmayan hissələrinə daha geniş və ətraflı şəkildə toxunacaqlar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, xahiş edirəm, yerinizdən danışmayın. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Mən çıxışıma bir Yaponiya aliminin sözləri ilə başlamaq istəyirəm. O qeyd edir ki, müharibədən sonra yapon xalqının papağı altındakı başı onun yeganə sərvəti idi. Mən də çox istərdim ki, bu müzakirələr insan beyni ilə əlaqədar olduğundan, Cəlil Məmmədquluzadənin dediyi kimi, “müsəlmana baş yardırmaq üçün verilib” şəklində olmasın.
Cənab Sədr, bu sənədin müzakirəyə çıxarılması parlamentin iradəsinin məhsuludur. Mən komissiya iclasında iştirak edən bir şəxs kimi deyirəm, məni inamsızlıq o qədər bürüyüb ki, hətta Qarabağ məsələsinin həllinə daha çox inanıram, nəinki bu qanunun qəbuluna, çünki o qədər fərqli mülahizələr var ki, mən bu yerdə Şəmsəddin müəllimin vəziyyətinə heç qibtə etmirəm. Bununla bağlı mən istərdim ki, bu müzakirələr həm də ictimai diskussiyalar üçün önəmli olduğuna görə, hər hansı bir müstəqil televiziya ilə bu formada verilsin.
Bizim təhsil sistemi böyük dəyişikliklər qarşısındadır. Bunun, təbii ki, itkiləri də var. Eyni zamanda, buna ağız büzənlər, müqavimət göstərənlər də olacaq. Mən hesab edirəm ki, müqavimət göstərənlər daha artıq dərəcədə 10 il ərzində qəbul imtahanlarının nəticələri ilə işçi qismətini tapmış savadsızlar ordusudur. Bunlar savadsız müəllimlərin, savadsız müəllimlər də savadsız tələbə və şagirdlərin yaşamasına maraqlı olduqlarına görə bu gün irəliyə atılacaq hər bir addıma qarşı son dərəcə kükrəmələr baş verir. Bu mənada biz qanunu reallığımıza yox, beynəlxalq reallığı qanunlarımıza uyğunlaşdırmalıyıq. Lənətə gəlmiş “Azərbaycan reallığı“ ifadəsi isə sanki bizdə nəzərəçarpan pisliklərin hamısının bir simvoluna çevrilib. Odur ki, bu qanunun reallığı, yaxşısı budur, dəyişsin.
Mən Boloniya sistemi ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Hesab edirəm ki, Təhsil Nazirliyi hamını çətin bir durumda qoyub. Əgər nazirlik 2005-ci ilin mayında bu sənədi imzalamışdısa, bundan irəli gələn vəzifələrin təhsil sistemində tətbiqi üçün müvafiq addımlar atılmalı idi. Ölkə başçısı yanında yaradılan müvafiq Təhsil Şurası Boloniya prosesindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün digər aralıq vəsilələri üzrə öz strukturlarını yaratmalı idi. Bunlar dekanların, məktəb direktorlarının müavinindən və sairdən ibarət məsələləri özündə ehtiva edir.
Burada çoxları Boloniya prosesinə qoşulmağımızdan milli təhsil modelinin sındırılacağı, başqa yad ruhların bizə yeriyəcəyi, bizə xas əxlaqi xüsusiyyətlərin tapdalanacağı və sairlə bağlı çox böyük səs-küy qaldırıblar. Mən istəyirəm, onlara xatırladam ki, bizim milli təhsil modeli Azərbaycana inqilab dövründən sonra gəlib, daha artıq dərəcədə Rusiyanındır. Onların da Almaniyadan götürdüyü bu model, əslində, bütövlükdə milli deyil. Biz Avropa Şurasının üzvüyüksə, Avropa Birliyinə qoşulmaq siyasətində iştirak ediriksə, Avropanın tam hüquqlu üzvü olmağımızı istəmişiksə, Boloniya prosesi vahid təhsil, akademik məkan deməkdir. Mən istəyirəm ki, bizim sənətlərimiz də bu məkanın tələblərinə uyğunlaşdırılsın.
Nəhayət, mətləbə keçir və preambula hissəsindən başlamaq istəyirəm. Burada qeyd olunur ki, təhsil dünyəvi və fasiləsizdir. Buradaca qeyd etmək istəyirəm ki, təhsilin dünyəviliyi onun hər hansı siyasi və başqa ideologiyaları özündə ehtiva etməsindədir. Bir tərəfdən deyilir ki, təhsil dünyəvidir, o biri tərəfdən burada hicabla bağlı hissələr var, ona qadağa qoyulur. Mən çox istərdim ki, bu, müzakirələrimizin əsasına çevrilməsin. Yəni bütün mühüm problemlər bir qırağa qoyulacaq, əsas kimi hamı bunun üzərinə düşəcək. Çox həssas bir problemdir. Əgər təhsil dünyəvidirsə, bizim əsas amalımız insanların beyninin şəklini qurmaqdırsa, onu qura bilsək, onların zahiri libasını da biz deyənə uyğunlaşdıracağıq. Ona görə mən bəri başdan təklif edirəm ki, həmin müddəa 11.1.8-ci maddədən çıxarılsın.
Mənim anlayışlarla bağlı bir təklifim var. İstərdim ki, bura qanunun əsas hədəfi sayılan müəllimin kimliyi barədə bir müddəa daxil edilsin. Müəllim, təbii ki, indiki dövrdə dövlət qulluqçusu deyil. Yalnız ona görə ki, dövlət qulluqçusunun öz imtiyazları, sosial və sair kimi şərtləri var. Gələcəkdə ola bilər, çünki müəllim adının şərəfləndirilməsi üçün onun dəqiq hüquqi təyinatını tapmaq lazımdır. O, pedaqoji təhsil görmüş, müəyyən bir bazadan çıxmış şəxs olmalıdır. Hörmətli Misir müəllimin dediyi kimi, bu, başqa sahə təmsilçilərinin müəllimliyə gəlməsinin qarşısını almaq üçün çox vacibdir.
İstərdim ki, bura müəllim andı da daxil edilsin. Andın mətnini hazırlayıb özümlə gətirmişəm. Qısa məzmunu belədir ki, müəllimlər saflıq və obyektivlik nümunəsi olan insanlar kimi Qurani–Kərimə, Konstitusiyaya and içəcəklər.
Mən “Təhsilin əsas məqsədləri” hissəsinə keçmək istəyirəm. Biz yenə də əsas məqsədlərdən danışanda, keçmiş sovet şüarlarından geniş yararlanmaqdayıq. Burada təhsilin əsas vəzifəsi – vətəndaşı bilikli etməklə bağlı çoxlu müddəalar var. “Vətənpərvərlik”, “dövlətçilik prinsiplərinə, azərbaycançılıq ideyalarına sadiqlik” kimi ifadələr son dərəcə deklarativ səslənir. Bunlar bizi əsas vəzifələrimizdən ayırır.
Burada təlimin dili ilə bağlı bir müddəa var. Ana dilimiz – Azərbaycan dili əsas sayılır. Tədrisin digər dillərdə aparılmasına o halda icazə verilir ki, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycanın coğrafiyası, tarixi də öyrədilsin. Bununla bağlı 7.2-ci maddədə onu qeyd etmək lazımdır ki, başqa dillərdə aparılanda, bu, müvafiq qaydada Azərbaycan dövlətinin tədris standartlarına uyğunlaşdırılmalıdır.
12-ci maddədə tədrisin formalarından bəhs olunur. “Formal”, “qeyri-formal” adlı tədris formaları təklif edilir. Bunlar əgər Boloniya prosesindən götürülmüş məfhumlardırsa, “rəsmi” , “qeyri-rəsmi” yazılmalıdır. Hamı başa düşür ki, “rəsmi” dövlət təhsilidir. “Qeyri-rəsmi”, “qeyri-formal”ın hər birinin hüquqi açıqlaması var.
Orta təhsil bir çoxlarını narahat etməyə başlayıb, çünki 9-cu sinfi bitirəndən sonra yeniyetmələrin 10–11-ci siniflərə keçirilməsi kimlər tərəfindən isə əngəllənə biləcəkdir. Eyni zamanda, orta təhsilin pullu və ya pulsuz olması barədə də bir müddəanın bura daxil edilməsinə ehtiyac vardır.
Başqa bir mühüm məsələ təmayülləşmə ilə bağlıdır. Qeyd olunur ki, 10 və 11-ci siniflər artıq təmayülləşəcəkdir. Bu, çox çətin, eyni zamanda, repetitor üçün imkanlar açan məsələdir. İndi ölkədə iki təhsil ünvanı var. Biri Təhsil Nazirliyinə tabe olan orta məktəblərdir, digəri də repetitorluq sistemidir ki, bu və ya digər formada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının himayəsindədir. Ona görə də hesab edirəm ki, repetitorluğu elə Boloniya prosesinə görə məktəblərə qaytarmaq üçün biz əlavə təhsil verilməsi məsələsini qoymalıyıq. Burada da o məsələ var, yəni orta məktəblərdə kim isə özünün təmayülləşməsini, bir ixtisas üzrə ixtisaslaşmasını istəyirsə, onu əlavə təhsillə həyata keçirə bilər. Bunu, əlbəttə, sovet dövründəki günü uzadılmış qruplar kimi təsəvvür etmirəm, çünki bir az ayrı forması var.
Burada xaricilərin ailələrinə hüquqlar verilir. Onlar Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçiblərsə, – söhbət 15 ildən gedir, – hər hansı bir məktəbin açılmasında iştirak edə bilərlər. Mən hesab edirəm ki, bu müddəa artıqdır.
Orta ixtisas məktəblərindən ikinci kursa qəbulla bağlı. Əgər biz orta ixtisas məktəblərinə stimul vermək istəyiriksə, qoy orada təhsil alanların bilik göstəricisi ya 100, ya da 150 bal olsun. Qalanını da qəbul imtahanından toplasınlar. Mən qorxuram ki, gənclər zəif göstəricilərlə orta ixtisas məktəblərinə girsinlər, sonra hamısı da birdən-birə əla qiymətlə oxusun və ali məktəblərə asan yolla daxil olsunlar.
Daha sonra qızıl və gümüş məsələsinə keçmək istəyirəm. Vətəndaşları əgər stimullaşdırmaq istəyiriksə, heç olmasa, qızıla görə oxusunlar. Bu, çox yaxşı maddi və mənəvi stimul mənbəyi ola bilər. Mən bir faktı xatırlatmaq istəyirəm. Hörmətli Məleykə xanımın çıxardığı nəticələrdən istifadə edirəm. Ölkədə son 10 ildə 40–45 min nəfərə qədər “4” və “5” qiymətlərinin daşıyıcısı “2” qiymət alıbdır. Ona görə də süni şişirtmələrə son qoyulmalıdır, qızılı başına görə almalıdırlar, cibinə görə yox. Belə qızıl alanlardan xilas olmaq üçün qiymət ekvivalenti yaranmalıdır. Medal 250 bala bərabər tutulursa, sonrasını imtahandan toplasınlar.
Abituriyentlərin seçimi. Cənab Sədr, bizdə indi dövlət institutları digərləri üzərində yalnız dövlət tələbi olduğuna görə dominantlıq edirlər. Bu, təbii seçim imkanı vermir. Ona görə də Azərbaycanda Sarbon və ya Kembric universitetləri yarana bilmir. Bizdə abituriyentlərə ixtisas seçimi, – hörmətli Şəmsəddin müəllimə təşəkkür edirik ki, bunu ifadə etdi, – hamı tərəfindən çox mürəkkəb təsəvvür olunur. Bununla bağlı məsələlər yerində qoyulubdur. Vahid dövlət olduğu üçün yox, məhz bilik verdiyi üçün sistem işləyəcək, nüfuz şkalası əldə ediləcək. Onda xaricilər də bizə gələcəklər. Müddətlə bağlı məsələni Təhsil Nazirliyi qaldırır. Ötən dəfə hörmətli Nizami müəllim dedi ki, çoxları auditoriyalardan birbaşa harasa getmək istəmirlər, istəyirlər ki, son mənzil ünvanına getsinlər. Buna yol vermək olmaz. Hər birinə böyük borcumuz var, onların qarşısında baş əyirik, amma bunun da bir zamanı var. Yəni müəllim auditoriya qarşısında bu ada layiq şəxsiyyətinə uyğun dayanmalıdır. Mən bu təkliflərin nəzərə alınacağına ümidvaram və bunlar əgər olacaqsa, layihəyə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən birinci çıxışa diqqətlə qulaq asdım. İstəyirdim görüm ki, onu necə qurursunuz. Təəssüf ki, qanun layihəsinə ikinci oxunuşdakı kimi yanaşırsınız. Bu, birinci oxunuşdur və müzakirə obyektinə yanaşma konseptual olmalıdır. Qaldı ki, ayrı-ayrı hissələrin yerində olub-olmamasına, onları gələn oxunuşlarda edə bilərik. Ona görə, xahiş edirəm, məsələyə bir az konseptual şəkildə yanaşaq. Nə yeniliklər, nə təkliflər var, fikirlər də bilinməlidir, yoxsa hissələrə ayırsaq, hər birini təhlil etməyə başlasaq, hamıya 10 dəqiqə də çatmayacaq. Əgər fikrimi tutdunuzsa, qanun layihəsinə münasibət bildirin. İclası belə davam edirik. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli icra strukturlarından dəvət olunmuş qonaqlar, işçi qrupunun nümayəndələri və mətbuat təmsilçiləri! Bu gün müzakirə edilən bu qanun layihəsi ölkəmizin əhalisinin hamısının, hər bir ailənin maraq və mənafeyini özündə əks etdirir. Qanun layihəsinin ümumi məzmunu haqqında Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin müəllim məlumat verdi. Tədricən bizim ölkəmizdə də təhsil, doğrudan da, prioritet istiqamət alır. Ölkə başçısının və eləcə də sahə nazirliyinin apardığı bu və ya digər islahatlar təhsildən də yan keçmir, onun təkmilləşdirilməsi istiqamətində xeyli faydalı addımlar atılır. Respublika Prezidentinin sərəncamı ilə xaricdə təhsil alınmasına vəsaitin ayrılması və bu işin təşkil edilməsi uzunmüddətli bir prosesdir. Bunun Azərbaycan təhsilinə, Azərbaycan elminə fayda gətirəcəyinə mən bütövlükdə əminəm. Son illərdə təhsil sisteminin yenidən qurulması, məktəb binalarının təmiri, tikilməsi, texniki təchizatla təmin edilməsi istiqamətində diqqəti cəlb ediləcək dərəcədə işlər görülübdür. Bütün bunları biz uğurlu işlər kimi qəbul edirik.
Mən də bu komissiyanın, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil komissiyasının üzvüyəm. Tam məsuliyyətlə onu demək istəyirəm ki, Təhsil komissiyası bu qanun layihəsini Milli Məclisin iclasına çıxarmaqdan ötrü geniş müzakirələr təşkil edib, gərgin şəkildə işləyibdir. Komissiyanın sədri Şəmsəddin müəllim başda olmaqla işçi qrupunun, təhsil sahəsində xidmətləri olan insanların əməyindən hərtərəfli istifadə edilmişdir. Bununla bərabər, əlbəttə, layihə hələ qarşıda iki oxunuşdan keçməlidir. Mən əminəm ki, millət vəkilləri burada deyilən müəyyən təkliflərlə yanaşı, bu oxunuşun nəticəsi kimi qanun layihəsinə səs verəcəklər. Əlbəttə, bu sənədi cəmiyyət, böyük müəllimlər ordusu, təhsil alanlar, hər bir ailə gözləyirdi.
Uzun müddət təhsil sahəsində çalışan adam kimi bir sıra məsələlərə sizin diqqətinizi cəlb etməyi özümə borc bilirəm. Birincisi, biz təhsilə, xüsusilə ali təhsilə münasibətdə yanaşma fəlsəfəsini dəyişməliyik. Bu nə Təhsil Nazirliyinin, nə də rektorların günahıdır və heç kəs inkar edə bilməz ki, cəmiyyətdə gedən ümumi proseslərin nəticəsində son illər bizim təhsil müəssisələrimizdə rüşvətxorluq halları geniş yayılıb. Ən böyük bəla nədir? Bütün dünyada pulu yaxşı təhsil almağa görə ödəyirlər, Azərbaycanda isə tələbə savadsız qalmasına görə pul ödəyir. Məsələnin əsas mahiyyəti kimi bunu dəyişməliyik. Konseptual baxımdan Təhsil haqqında qanunun qarşısında duran istiqamətlərdən biri də bundan ibarət olmalıdır.
Siz özünüz də bilirsiniz, 15–20 il əvvəl ali məktəblərdə üç-dörd nəfər olardı ki, gizli, ali məktəbin divarları arasında da yox, çıxardılar yarım kilometr aralıda pul alardı. Onlar da hamıya bəlli idi. İndi, əlbəttə, vəziyyət belə deyil. Məsələn, diqqətəlayiq bir iş olardı ki, bunun qarşısı həm qanun vasitəsi ilə, həm də inzibati yolla alınsın. Mən dərs dediyim müəyyən qruplarda, eyni zamanda, monitorinq aparıram. Məlum olur ki, neçə nəfər repetitor yanından çıxıb ali məktəbə gəlib. Repetitor yanından bəzi hallarda 100 faiz, bəzi hallarda 90 faiz tələbə gəlir. Bu halda əhalinin sosial cəhətdən aztəminatlı hissəsinin vəziyyəti necə olacaq? Tədricən bu təbəqənin təhsildən kənarda qalmağa doğru getməsi çox ciddi məsələdir və hesab edirəm ki, qanunun konseptual baxımdan əhatə edəcəyi ikinci mühüm istiqamət bundan ibarət olmalıdır.
Heç kəsə sirr deyil ki, dediyim kimi, təhsil işçiləri bu qanunu neçə ildir səbirsizliklə gözləyirlər. Onlar hesab edirlər ki, bu qanun onların həyat şəraitinin yaxşılaşdırılmasında, əmək haqqı məsələlərində müəyyən rol oynayacaq. Qanunun əvvəlki variantlarında həmin məsələ bu və ya digər dərəcədə nəzərə alınmışdı. Təhsil haqqında qanunun müzakirəyə çıxarılan bu layihəsində “müəllimlərin maddi cəhətdən təmin edilməsi, yaxud sosial cəhətdən müdafiə olunması” hissəsi gücləndirilmək əvəzinə daha da zəifləşdirilibdir.
Burada köhnə qanun haqqında müəyyən fikirlər deyildi. Yeri gəlmişkən deyim, Azərbaycan qanunvericiliyində ən uzunmüddətli qanundur ki, bu günə qədər təhsil sistemi onunla idarə olunur. İkinci, o qanunun müəllifləri və təqdim edən komissiyanın sədri bu gün Milli Məclisin üzvüdür. İşçi qrupunun üzvləri də burada iştirak edirlər. Orada belə bir müddəa var idi: “Təhsil işçilərinin əmək haqqı ölkədəki orta əmək haqqından aşağı ola bilməz”. Əgər biz bu müddəanı yerinə yetirə bilmədiksə, onun fəaliyyətini dayandırdıqsa, bu, köhnə qanunun deyil, icra strukturlarının günahı idi. Onlar qanunun mütərəqqi maddələrini dondurdular.
Oqtay müəllim, bu gün Azərbaycan ali məktəblərində işləyən müəllimlərin, professorların, dosentlərin, aspirantların maddi vəziyyəti olduqca çətindir. Azərbaycanda Təhsil haqqında qanunun aparıcı istiqaməti, mənim fikrimcə, belə olmalıdır ki, təhsilə yetərincə pul buraxılsın, onun da orta məktəb şagirdlərinin, ali məktəb tələbələrinin biliyinə çevrilməsinə səmərəli mexanizm qoyulsun. Yoxsa sahə nazirlikləri dəfələrlə bu məsələni qaldıranda, elə hesab edirlər ki, bu pulun buraxılması inflyasiyaya gətirib çıxara bilər. Böyük müəllimlər ordusunu ac saxlamaq hesabına inflyasiyaya qarşı mübarizə aparmaq, əlbəttə, səmərəli vasitə deyil. Elmi dərəcələrlə bağlı məsələlər də konseptual baxımdan həmin istiqamətə aiddir. Bu gün Rusiyada elmi dərəcələrə görə elmlər doktoru 7000 rubl, elmlər namizədi isə 5000 rubl, əmək haqqından əlavə vəsait alır. Bizdə necədir? Elmlər doktoruna 50 manat, elmlər namizədinə 15 manat əlavə pul ödənilir.
Oqtay müəllim, hazırda Azərbaycanın orta məktəblərində, mən Bakı şəhərində müəllimlər arasında monitorinq aparmışam, əmək haqqı təxminən 60 manat və ondan aşağıdır. Əgər təhsili bu istiqamətdə düzəltmək, qanunun işləməsini istəyiriksə, bu məsələ həll olunmalıdır. Maliyyə buraxılmadan bu qanunun təhsili düzəldəcəyinə ümid yoxdur. Biz gərək bu istiqamətdə özümüzü aldatmayaq. Bu gün elmlər namizədinə əlavə diploma görə 15 manat pul verilməsi nə deməkdir? Sadəcə, elmlər namizədi diplomuna müəyyən dərəcədə hörmətsizlikdir. Bu, qanunda da öz əksini tapıb.
Biz konseptual baxımdan bir məsələdə də razılığa gəlməliyik. Ümumi icbari orta təhsil Azərbaycan xalqının XX əsrdə çox böyük nailiyyətidir və biz buna 50-ci illərin axırında keçmişik. İndi onu 9-cu sinfə endirməklə müəyyən etməliyik ki, biz qabağa gedirik, ya geri qalırıq. Vətəndaşın konstitusion hüququ var ki, dövlətin hesabına ümumi icbari orta təhsil alsın. İndi biz onun adını “tam orta təhsil”, o birinin adını orta təhsil yazırıq. Əslində, bu, natamam orta təhsildir və biz dövlət himayəsi ilə alınan tam orta təhsildən vətəndaşı məhrum etməklə, onun konstitusion hüququna müdaxilə etmiş oluruq. Nəhayət, ali təhsilin üçpilləli olması məsələsi. Bu gün, Oqtay müəllim, cəmiyyətdə qəribə vəziyyət müəyyən olunub. Kim bakalavr diplomu ilə idarəyə gedir, deyirlər, get, magistr təhsili al. Bundan sonra da, yəqin, deyəcəklər ki, get, doktorluq təhsili al. Birdəfəlik bilinməlidir ki, bakalavr təhsili ali təhsildir, magistr təhsili isə onun yüksək pilləsidir.
Sədrlik edən. Sağ olun, Cəmil müəllim. Bunu Şəmsəddin müəllim izah elədi ki, bakalavr təhsili tam ali təhsildir, magistr təhsili isə elmi işlə məşğul olmaq istəyənlər üçündür. Bakalavr nədir, orada açıq yazılıb. Bir məsələni deyəndə, o birini də deyin də. Baxın, görün, Avropada, Rusiyada və bizdə bir müəllimə neçə şagird düşür. Bunları hesablayın, müqayisə edin və uzlaşdırın. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də çox sevinirəm ki, uzun illərdən bəri gözlənilən Təhsil haqqında qanun layihəsi, axır ki, parlamentin müzakirəsinə çıxdı. Qanun layihəsinin özünə fikir verəndə, bunun gecikməsinin səbəbi elə qanunun müəyyən hissələrində əks olunub. Qanun layihəsi təqdim olundu və biz də konseptual baxımdan bunun müəyyən sahələrinə dair öz fikirlərimizi bildirməliyik. Ümumiyyətlə, çərçivə qanun kimi bunu qəbul etmək olar, lakin qanunda bir sıra müddəalar var ki, ümumilikdə götürüldükdə, onların konkretliyi, qanuna uyğunluğu, səmərəliliyi məsələsinə baxılmalıdır.
Nə sosializmdən əl çəkə, nə də yeni inkişaf etmiş dövlətlərə qoşula bilirik. Keçmişdə bir məsəl var idi, deyirdilər, bir ayağımız sosializmdə, bir ayağımız da kommunizmdədir. Keçmişdən sosialist təhsil sistemindən bəzi şeyləri dartıb salmışıq bura. İndi də müasir Avropa ölkələrində olan digər terminologiyanı seçmişik. Onun mahiyyəti qanunda düzgün şəkildə açılmayıb və izahatı da öz əksini tapmayıb. Biz nə istəyirik, hansı yolu seçmişik və hansı istiqamətdə fəaliyyətimizi davam etdirməliyik? Konseptual yanaşma budur. Əgər üzümüzü Avropaya tutmuşuqsa, təhsil sistemimizi ona uyğunlaşdırırıqsa, bizim şagirdlər gələcəkdə Avropa təhsili almaq istəyirlərsə, qanunumuzu da bu istiqamətə yönəltməliyik. Yox, əgər başqa təhsil sistemlərinə uyğunlaşdırırıqsa, onda başqa məsələ. İkisinin calağı heç vaxt bəhrə vermir. O meyvələrin hərəsi bir cür yetişəcək. Biz calaq sistemindən əl çəkib, məsələni ümumi sistem əsasında qurmalıyıq.
İkinci bir məsələ. Heç kəs, heç nə, o cümlədən qanun da əbədi deyil. Qanuna baxanda görürsən ki, hərə közü öz qabağına çəkmək istəyir. Bu, qanundur, indi mən rektoram, sabah o institutun müəllimi, professoru olacağam. Bu gün onun rektorluq hüququnun müdafiəsindən daha çox müəllimin, tələbənin, şagirdin hüququnun müdafiəsinə qalxmalıyıq. Bunu heç kim fikirləşməməlidir ki, mən əbədiyəm, belə qalacağam, orada filan strukturlara səlahiyyət verilsin. Qanun ictimai xarakter daşıyır, bütün tələbələr, cəmiyyət əhali üçündür və ayrı-ayrı fərdlərə hansısa hüquqların verilməsinə, yaxud kimlərinsə hüquqlarının alınıb digərinə ötürülməsinə xidmət eləməməlidir. Nə bizə sərf eləyirsə, bu gün hansı sistem özünü doğruldursa, təhsilimiz o istiqamətdə qurulmalıdır.
Mən də onun tərəfdarıyam ki, məktəblərimizdə hicab məsələsi olmasın, lakin bunu qanunla qadağan eləmək düzgün deyil. Buna ayrı-ayrı rektorlar sərəncam versinlər, özləri Elmi Şurada qərar qəbul eləsinlər ki, bizim tədris müəssisəsində belə geyim qəbul olunmur. Bu, hesab edirəm ki, qanunun səmərəliliyini aşağı salacaq, yaxşı cəhətlər qıraqda qalacaq, ictimaiyyət hicab məsələsini müzakirə etməyə başlayacaq. Digər tərəfdən, bu lisenziyalaşma məsələsində də o dəqiqə zəfəran iyi uzaqdan adamı vurur. Harada görünüb ki, hansısa institut beş ildən sonra yenidən lisenziya alsın? Harvard, ya da Oksford Universiteti və digərləri belə eləmir. Tutaq ki, mən bir məktəb açmışam, onu qeydiyyatdan keçirmişəm. Orta məktəbdə təhsil 11 illikdir. 5 ildən sonra bir də qeydiyyatdan keçəndə deyirlər ki, yox, daha sənə lisenziya vermirik, məktəb bağlanmalıdır. O zaman şagirdlərin taleyi necə olacaq? Dəfələrlə bunun şahidi olmuşuq. Özəl universitetlərdə belə hadisələr baş verir. Ona görə qeydiyyat birdəfəlik olsun. Əgər bu, qanunu pozacaqsa, normal təhsil verməyəcəksə, Təhsil Nazirliyi, buna nəzarət eləyən strukturlar, məhkəmə, hüquq mühafizə orqanları var, onlar müəyyən ölçülər götürəcək, bunu həll edəcəklər.
Zahid Orucov qızıl medal, gümüş medal məsələsinə toxundu. Yadımızdadır da, o medallar nəyə gətirib çıxarırdı. Əlaçı o medalı ala bilmirdi. Kim gedibsə, rayon təhsil şöbəsində məsələsini həll edirdi, medalı ona verirdilər. Əksinə, yaxşı oxuyanın həvəsini öldürür, ona ziyan vurur və onun oxumasını stimullaşdırmırdılar. Hər bir şeyə bərabər yanaşmalıyıq. Bir adam ki yaxşı oxuyur, deməli, ali məktəbə qəbul olunacaq da. Niyə bərabərsizlik yaratmalıyıq ki? Biri gedib dünya fənn olimpiadasında yer tutubsa, onu niyə imtahansız qəbul eləməliyik? Yer tutub, əlaçıdırsa, əgər ədalətli bal toplayıbsa, gəlib burada da balını toplayacaq. Onunla mənə fərq qoyulmamalı, bərabərlik sistemi pozulmamalıdır.
Burada üçpilləli, dördpilləli təhsil məsələlərinə toxunuldu. Dünyanın hansı ölkəsində belə şey var? Yaxud da kim göstərə bilər ki, Amerika Birləşmiş Ştatlarının professoru var. Hər bir universitetin özünün professorları, doktorları olur. Bir ixtisas üzrə universitetə professor, doktor tələb olunursa, həmin ali təhsil müəssisəsi müsabiqə elan eləyir, alimlə müqavilə bağlayır, o da orada işləməyə başlayır. Əgər kim isə Bakı Dövlət Universitetinin professorudursa, sabah Xarici Dillər Universitetinin professoru deyil. Dünya təcrübəsindən istifadə ediriksə, məsələyə bu cür yanaşmalıyıq.
Burada Cəmil müəllim məsələ qaldırdı ki, niyə onların əmək haqları azdır. Nə qədər doktor, professor, elmlər namizədi olar? Bir ilin içərisində 700–800–900 elmi ad alan olur. Mənim yadıma düşür, bir vaxtlar Meksika ordusunda əsgərdən çox zabit var idi. Həmin vəziyyətə gəlib çıxmışıq. İndi bizdə də tələbədən çox, elmlər namizədi var. Hər birinin də verdiyi təhsilin səviyyəsinə baxın... Odur ki, təhsilin səviyyəsinə görə onlar qiymətləndirilməlidirlər.
Artıq cəmiyyətimiz elə bir istiqamətdə inkişaf edir ki, bu gün kimin hansı institutu qurtarmasından asılı deyil. Əgər kim isə bəhanə gətirmək istəyirsə, gətirsin. Bu gün kimin qabiliyyəti varsa, yaxşı oxuyubsa, ona hər yerdə iş yeri var. Attestasiya elan edirlər, test elan edirlər, keçirirlər. Müsabiqə elan edirlər ki, bu yerlər boşdur. Görürsən ki, 50 diplomlu gəlib deyir, hüququ qurtarmışam, nəyi qurtarmışam. Əgər sən müasir texnologiyadan, dillərdən istifadə edə bilmirsənsə, getdiyin sahəni bilmirsənsə, səni ora ömründə işə götürməyəcəklər. Keçdi o dövr. Heç kim öz müəssisəsinin əldən çıxmasını istəməyəcək. Bunu cəmiyyətə başa salmaq lazımdır ki, artıq diplom dalınca düşməsinlər, ixtisas, savad dalınca qaçsınlar. Savadın da mənbəyi orta məktəbdir. Orta məktəbdə güclü təhsil almayan şagird ali məktəbdə heç cür oxuya bilməz. Ona görə orta məktəblərlə bağlı müddəalara xüsusi fikir verilməlidir.
Deputat həmkarlarıma da çıxış etməyə şərait yaratmaq üçün fikrimi yekunlaşdırmaq istəyirəm. Qanunu ümumiləşdirmək, ümumi şəkildə bir çərçivəyə salmaq lazımdır. Qanuna hər tərəfdən bir şey əlavə etmək olmaz. Qanun bu gün Azərbaycan xalqının, dövlətinin, dövlətçiliyinin, millətinin maraqlarına xidmət eləməlidir.
Bir məsələni də qeyd etmək istəyirəm. Çox yaxşıdır ki, tələbələrə seçim imkanı verilib, amma o seçimin ikinci forması gələcəkdə rüşvətxorluğun mənbəyini yarada bilər. İnstitutlara o hüququ versək ki, nə qədər limiti var, nə qədər adam götürəcəklər, onda artıq dediyim proses başlayar. Ona görə qanunda onun ikinci hissəsini də müəyyənləşdirməliyik. Əgər tələbə ixtisası seçirsə, ona müvafiq bal toplayırsa, onda gedəcəyi instituta ciddi nəzarət olmalıdır ki, onlar artıq “mənim yerim dolub” deməsinlər, başqasından təmənna umub, onu ora daxil eləməsinlər. Bu məsələyə, hesab edirəm ki, qanunda ciddi diqqət yetirilməlidir.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. O nəzarəti fikirləşiblər. Heç vaxt elə şey olmayacaq. Səlahiyyət verilsə də, tələbəni qorumalıyıq. Bu bir.
İkinci, hicab məsələsində mən də sizinlə tamamilə razıyam. Əfsuslar olsun ki, Şəmsəddin müəllim öz çıxışında bunu qeyd eləmədi. Geyim forması ilə bağlı 11.1.8-ci maddədəki müddəa, həqiqətən, bu qanun çərçivəsində qəbul oluna bilməz. Təhsil Nazirliyi, institutlar, rektorlar var, məsələni onlar öz daxili nizamnamələri ilə həll etməlidirlər. Şəmsəddin müəllimə şəxsən demişdim ki, izahat versin, qoy bu barədə çıxışlar olmasın. O ki qaldı “kimin isə səlahiyyətləri artır” məsələsinə, heç kimin səlahiyyəti artmır. Bir az çıxışlarımıza diqqət edək. Medalı da dedilər ki, tələbəyə heç bir üstünlük vermir. Mən də tamamilə sizinlə razıyam ki, onu mükafat kimi saymaq lazımdır. Vidadi müəllim, buyurun.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Təhsil xalqın gələcəyidir. Dövlətin qüdrəti təhsilin inkişafından və intellektual sərvətin qorunmasından asılıdır. Bu prinsipləri əsas tutan cənab Prezidentimiz təhsilə çox böyük qayğı göstərir. Təhsilin keyfiyyətinə və inkişafına təsir göstərən əsas amillərdən biri maddi-texniki bazanın yaradılmasıdır. Bu istiqamətdə son illər dövlətimizdə Heydər Əliyev Fondu tərəfindən misli görünməmiş işlər həyata keçirilir.
Təhsil haqqında qanunun qəbul olunması çoxdan gözlənilir və cəmiyyətin diqqət mərkəzindədir. Ona görə də bu qanunun qəbul olunması çox lazımlı və vacibdir. Qanunun qəbul olunması ilə təhsil sahəsində hüquqa söykənən daha mükəmməl sənədlərin hazırlanması üçün baza yaranacaqdır ki, bu da təhsilin idarə olunmasında buraxılan nöqsanların aradan qaldırılmasına xidmət edəcəkdir.
Təqdim olunmuş sənədlə tanış olduqda bu qanun layihəsinin hazırlanması üçün çox böyük əmək sərf olunduğunu görürük. 6 fəsil və 47 maddədən ibarət olan qanun layihəsində, demək olar ki, təhsilin bütün sahələri əhatə olunmuşdur. Layihədə milli, mənəvi və ümumbəşəri dəyərlər, beynəlxalq konvensiyalar nəzərə alınmış, dünya təhsil sisteminə inteqrasiya olunmasına əsas yaradılmışdır.
Layihəni müsbət qiymətləndirməklə bərabər mən Təhsil qanununun daha mükəmməl hazırlanması məqsədi ilə konseptual baxımdan bir neçə məsələ barədə fikrimi bildirmək istəyirəm. Qanun layihəsinin 16-cı maddəsində attestasiyanın mahiyyəti və mənası barədə məlumat verilmişdir. Lakin 16-cı maddədə təhsil müəssisəsinin lisenziyalaşdırılması və akkreditasiyası haqqında tam açıqlama verilsə də, attestasiya haqqında bir cümlə də yazılmayıb.
Bilirsiniz ki, hər bir təhsil müəssisəsinin nüfuzu, reytinqi onun buraxdığı kadrların keyfiyyətindən, orada dərs verən müəllimlərin səviyyəsindən asılıdır. Attestasiya təkcə müəllimlərin attestasiyası kimi və ya təhsili başa vurduqda tələbəyə Dövlət imtahan komissiyasının verdiyi qiymət kimi başa düşülməməlidir. Burada müəssisənin attestasiyasından söhbət gedir ki, bu da kompleks olaraq təhsilin keyfiyyətinə yekun qiymətin verilməsidir. Burada təhsil planından, maddi-texniki bazadan, kadr potensialından və sairdən səmərəli istifadə etməklə mütəxəssis hazırlığına qiymət verilir.
Belə düşünməsinlər ki, akkreditasiya attestasiyanı əvəz eləyə bilər. Akkreditasiya, layihədə göstərildiyi kimi, tədris müəssisəsinin maddi-texniki bazasının, kadr potensialının, maliyyə resurslarının, tədris suallarının və sairin dövlət standartlarına və digər normativ hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. Attestasiya isə təhsildə bu standartlara uyğun maddi-texniki bazadan, təhsil vasitələrindən, kadr potensialından düzgün istifadə edərək, yekun olaraq buraxılan mütəxəssislərin aldığı bilik və tədrisin keyfiyyətini, səviyyəsini müəyyən edir. Ona görə də hesab edirəm ki, 16-cı maddəyə attestasiya haqqında müddəa əlavə etmək lazımdır.
İkinci, qanun layihəsində köçürmə barədə ətraflı bir şey yazılmayıb. Halbuki tədris müəssisələrinə qəbul olunan tələbələrin ən azı 10 faizi, bəlkə də daha çox tələbə köçürmə yolu ilə universitetlərdə təhsil alır. Bu qəbildən olan çoxsaylı tələbələrin maraqları məhz bu qanunla tənzimlənməlidir. Bəzən köçürülən tələbələr fəaliyyəti bəlli olmayan universitet filiallarına sənəd təqdim edirlər. Bəzi hallarda həmin tələbələr bu filialların harada yerləşdiyini də yaxşı bilmirlər. Beləliklə, bu sənədlər əsasında respublikanın müxtəlif universitetlərinin, əsasən, ikinci kurslarına bərpa olunurlar. Test imtahanı verib universitetə öz bilikləri sayəsində qəbul olunmuş tələbələr orta məktəbdə zəif oxuyan, testdən keçməyən həmin abituriyentləri özləri ilə bərabər ikinci kursda əyləşən gördükdə ədalətsizliyi hiss edir, qanunlara inamı azalır və bu da onların yaxşı oxumaqlarına pis təsir göstərir. Bəzən isə tələbələr bir universitetin 4-cü kursundan başqa universitetin və ya eyni universitetin ikinci kursuna köçürülürlər. Burada da dövlətin onlara çəkdiyi ikiillik xərclər havayı və səmərəsiz gedir, həm də bərabərlik pozulur. Ona görə də köçürmə əməliyyatı qanunla tənzimlənməli və layihədə öz əksini tapmalıdır.
Layihədə kadrların yenidən hazırlanması əlavə təhsil kimi verilmişdir. Düşünürəm ki, əgər ikinci ixtisasalma stajkeçmə, kadrların təkmilləşdirilməsi kimi əlavə təhsil forması vardırsa, kadrların yenidən hazırlanması layihədən çıxarılmalıdır. Çünki təcrübə göstərir ki, yaxınlığı olmayan ixtisas sahibləri 6 ay müddətində guya yenidən hazırlanaraq yeni ixtisasa yiyələnir və məktəblərdə çalışırlar. Bu da təhsilin keyfiyyətsiz aparılmasına şərait yaradır.
Ödəniş haqqı təyin olunduqda təhsil alanların bərabərlik hüququ və ədalət prinsipləri pozulur. Bilirsiniz ki, texniki ixtisaslarda təhsil alanlara daha çox xərc çəkilir. Çünki orada laboratoriyalar, maşın mexanizmləri, avadanlıqlar istifadə olunur. Lakin humanitar ixtisaslarda bu xərc daha az tələb olunur. Faktiki olaraq universitetlərin hüquq fakültələrinə daxil olanlardan daha çox pul ödəmələri tələb olunur. Əksinə, texniki ixtisaslarda ödəniş daha az tələb olunur. Ədalətsizlik olmasın deyə, bu tariflər maliyyə qurumunun iştirakı ilə tənzimlənməli və qanunda öz əksini tapmalıdır. Ali təhsil müəssisələrinin magistr hazırlığı pilləsinə də qəbul biliyin qiymətləndirilməsi üzrə dövlət komissiyası tərəfindən aparılan test imtahanlarının nəticəsinə görə olmalıdır. Çünki artıq test imtahanlarının aparılması cəmiyyət tərəfindən müsbət qəbul olunub və səmərəsi də göz qabağındadır.
Layihədə təhsilin pillələri müəyyən olunaraq ali təhsil bakalavriat, magistratura və doktorantura kimi göstərilib. Əlbəttə, bakalavriat da, magistratura da ali təhsil pilləsidir. Hesab edirəm ki, doktorantura ali təhsildən yüksək pillə və ya ali təhsildən sonrakı təhsil pilləsi kimi göstərilməlidir. Doktorantura özü də ikipilləli göstərilərsə, daha düzgün olar.
Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına möhtərəm Prezidentimiz xüsusi diqqət yetirir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü kimi kənd təsərrüfatının inkişaf etdirilməsinə daha çox maraqlıyam. Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ölkəmizdə kənd təsərrüfatı üzrə mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisəsidir. Tələbə qəbulu zamanı eyni qrupda yerləşdikləri üçün tibb və biologiya ixtisaslarına az bal toplayıb daxil olmayan abituriyentlər Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına yerləşdirilirlər. Bu tələbələr I kursdan sonra ya başqa universitetlərə köçürülür, ya da akademiyanı bitirdikdən sonra kəndə işləməyə getmirlər. Ona görə də təklif edirəm ki, kəndlərdən şəhərə axının qarşısını almaq üçün Kənd Təsərrüfatı Akademiyasına qəbulda müəyyən güzəştlərin nəzərdə tutulması icra strukturlarına qanunla tapşırılsın. Bəzi əlavələrim də var ki, vaxt çatmadığından onları ikinci oxunuşda deyəcəyəm. Mən təkliflərimizi nəzərə almaqla qanun layihəsinin birinci oxunuş üçün qəbul olunmasına səs verəcəyəm, deputat həmkarlarımı da lehinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B. Muradova  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Vidadi müəllim. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Bahar xanım, hörmətli qonaqlar, millət vəkilləri və media nümayəndələri! Mən sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, hamınıza uğurlar arzulayıram.
Mən çıxışımı ilk öncə qanun layihəsindəki bir maddə ilə bağlı fikrimi bildirməklə başlamaq istəyirəm. Mən bu gün burada eşitdim ki, artıq Milli Məclis rəhbərliyi də bu Təhsil qanunundan 11.1.8-ci maddənin çıxarılması fikri ilə razılaşıb. Görünür, dünən Bənazir Bhuttonun islamçılar tərəfindən qətlə yetirilməsinin də bu məsələyə bir təsiri olub. Çox təəssüf ki, Azərbaycana din kənardan idxal olunur və bizə gələn din çox zaman xeyirxahlıq yox, cəhalət və səfalət gətirir. Görün vəziyyət nə yerə çatıb ki, sovetlər birliyi dağılandan sonra bizim bəzi bölgələrimizdə artıq qız uşaqlarını aşağı siniflərdə məktəbdən ayırır, 13–14 yaşlarından ərə verirlər. Mən hesab edirəm ki, əgər bu gün bu maddəni buradan çıxarsaq, bu bizim dünyəvi dövlətçilik tərəfdarlarının ən böyük məğlubiyyəti olacaq və bu gün Pakistanda baş verənlər bir neçə ildən sonra Azərbaycanda bəlkə də daha pis formada təkrarlanacaq. Səfirlikləri partlatmağa kimlər cəhd edir, həmin o dinçilər. Kimlər Ziya Bünyadovu öldürdülər, həmin o xariclə əlaqəsi olan dinçilər. Bu gün Nardaranda baş verənlər də bu kənar təsirlərin nəticəsidir. Nardaran tamamilə dövlətin nəzarətindən çıxıb.
Bizim Konstitusiyada 18-ci maddə var – “Din və dövlət”. Bu maddədə yazılıb ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Ona görə də Konstitusiyanın giriş hissəsində deyilir: “Azərbaycan xalqı... indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüquqlarından istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: ... xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq”. Bizim Konstitusiyanın 18-ci maddəsində təhsilin dünyəvi xarakter daşıdığı təsbit olunubsa, niyə bizim gənclər təhsil müəssisələrinə dini atributda gəlməlidirlər? Burada, əslində, qeyd olunmalıdır ki, heç bir təhsil müəssisəsinə dini atributda gəlmək olmaz, hər ali təhsil müəssisəsi öz geyim formasını müəyyənləşdirir ki, kimlərsə ali məktəblərə, üzr istəyirəm, qarnıaçıq, yaxud yarıçılpaq vəziyyətdə gəlməsinlər.
Bundan başqa, burada orta təhsil iki pilləyə bölünür – ümumi orta təhsil və tam orta təhsil. Yəni indi tam orta təhsil məsələsi də qoyulur. Hörmətli millət vəkilləri, mərhum Prezident Heydər Əliyevin sədrliyi ilə bu Konstitusiya qəbul olunanda Azərbaycanda bir ümumi orta təhsil var idi və ümumi orta təhsili bitirən adam birbaşa ali məktəbə qəbul olunmaq səlahiyyəti əldə edirdi. İndi bizim Konstitusiyada yazılıb ki, Konstitusiyanın insan aktları ilə bağlı hər hansı bir müddəası məhdudlaşdırıcı formada təfsir oluna bilməz. İndi, bax, ümumi orta təhsilə sabah bir ad qoymağa nə var ki? Məsələn, sabah deyərlər ki, ümumi orta təhsil 6-cı sinfə qədərdir. Söhbət məsələnin mahiyyətindən gedir ki, bu, Konstitusiyaya ziddir və biz bu qanunu bu formada qəbul etsək də, onu Konstitusiya Məhkəməsi ləğv edəcək. Ona görə ki, indiki formada qanun ümumi orta təhsili bitirən insanların hüquqlarını məhdudlaşdırır. Onlar artıq ali məktəbə birbaşa daxil olmaq səlahiyyətlərini itirirlər.
Bundan başqa, fasiləsizlik prinsipi qanunda öz əksini tapıb. Hesab edirəm ki, biz bu qanunu bu formada qəbul etsək, əvvəlki qanunlarda dəyişikliklər etməliyik. Çünki bizim gənclər bakalavr dərəcəsi alandan sonra hərbi xidmətə çağırılırlar. Bu da məsələ ilə ziddiyyət təşkil edir. Buna xüsusi diqqət yönəltmək istəyirdim.
Bundan başqa, ən mühüm məsələ. Bizim təhsildə əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarət idi ki, şagirdlər ali məktəblərə test ilə qəbul olunurdular. İndi biz nəyə nail olacağıq? Siyavuş müəllim çox gözəl vurğuladı. Biz ali məktəblərə imkan verməməliyik ki, onlar müsabiqə aparsınlar. Əksinə, biz testlə qəbulu bir az da təkmilləşdirməliyik. Abituriyent göstərməməlidir ki, o, pullu və ya pulsuz təhsilə müraciət edir. Bu müddəa qanunda öz əksini tapmalıdır. Pulsuz təhsil ali məktəblərdə xeyli məhdudlaşdırılıb. Bəzən yuxarı bal toplayan abituriyent pulu olmadığına görə pullu təhsili yazmır və ondan az bal toplayan şəxslər həmin fakültələrə daxil olurlar. Ona görə də qanunda müəyyənləşdirək ki, dövlət qabiliyyətli şagirdlərin təhsilini davam etdirmələri üçün onlara kreditlər verir. Konstitusiyada yazılıb ki, dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etməsinə zəmanət verir. Bu, Konstitusiyanın “Təhsil hüququ” adlı 42-ci maddəsində nəzərdə tutulmuş müddəadır. Biz artıq əldə olunmuş nailiyyətlərdən geri çəkilməli deyil, bunu qanuna əlavə etməliyik.
Bu gün uşaqlar ali məktəblərə yüksək biliklə girir, amma sonra yaxşı oxumurlar. Ona görə də buraxılış imtahanları bütün ali məktəblərdə testlə olmalı, onlara diplom testin nəticələrinə uyğun olaraq verilməlidir. Yəni diplom işlərinin müdafiəsi ilə bakalavr dərəcəsinin verilməsi praktikasına son qoyulmalıdır. Mən hesab edirəm ki, bakalavr dərəcəsində buraxılış imtahanları yalnız testlə olmalıdır.
Başqa məsələ, rektorların seçkiləri məsələsi. İndi bizdə müvafiq icra hakimiyyəti necə müəyyənləşdirə bilər ki, hansı ali məktəbdə hansı professor, hansı elmi işçi daha qabiliyyətlidir? Bunu kollektiv, o ali məktəblərin elmi şurası daha yaxşı bilir. Biz onlara etimad göstərməliyik ki, onlar öz rektorlarını seçsinlər.
Mən təhsil haqqı ilə əlaqədar bir məsələyə münasibət bildirmək istəyirəm. Bu gün universitetlərdə pullu təhsil böyük yer tutur və onların büdcəsinə təhsildən çoxlu vəsait toplanır. İndi biz universitetlərə səlahiyyət veririk ki, bu vəsaiti istədikləri kimi xərcləsinlər. Mən sizi əmin edirəm, bu Təhsil qanununda konkret olaraq göstərilməsə ki, o pul hansı formada paylanır, – bütün rektorların üzərinə kölgə salmaq istəmirəm, hörmət bəslədiyim rektorlar da var, – onların bir çoxu bu pulun böyük hissəsini bir neçə qat bahasına boya alınmasına verib, sürtəcəklər divara. Bunun qarşısını almaq üçün biz burada göstərməliyik ki, elmlər namizədinin əmək haqqı orta aylıq əmək haqqından ən azı 3 dəfə, elmlər doktorunun əmək haqqı orta aylıq əmək haqqından minimum 4 dəfə yüksək olmalıdır. Bu ali məktəblər nəyə görə mövcud ola bilir? Ona görə ki, onlarda alimlər, elmlər namizədləri, elmlər doktorları dərs deyir, təhsil verirlər. Ona görə də onların sosial vəziyyətlərini biz xeyli dərəcədə yaxşılaşdırmalıyıq ki, vətəndaşlarımız daha yaxşı təhsil alsınlar.
Əlbəttə, mən bu qanun layihəsini əziyyət çəkib hazırlayanlara dərin təşəkkürümü bildirirəm. Amma Azərbaycanda bütün xalq təhsil sistemində bu Təhsil qanunu ilə ciddi islahatların başlanacağını gözləyir. İndi hörmətli Şəmsəddin müəllim dedi ki, biz tədrici islahatların aparılmasının tərəfdarıyıq. Amma mən hesab edirəm ki, biz sürətli inkişaf üçün ciddi radikal islahatlar aparmalıyıq. Bütün ali məktəblər, dövlət ali təhsil müəssisələri özəlləşdirilməlidir. Əgər biz Avropa standartlarını qəbul etmək istəyiriksə, dövlət ali təhsil müəssisələri və Elmlər Akademiyasındakı elmi tədqiqat institutları birbaşa universitetlərə tabe etdirilməlidir. Bütün inkişaf etmiş Avropa ölkələrində ən böyük elmi nailiyyətlər elə universitetlərdə əldə olunur. Onların hamısının universitetlərə tabe etdirilməsinin vaxtı çatıb. Diqqətinizə görə təşəkkür edirəm. Yəqin ki, ikinci oxunuşda konkret maddələrlə bağlı fikirlərimi söyləyəcəyəm.
Sədrlik edən. Sağ olun. Mən də Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Konstitusiyada əksini tapmış təhsilin dünyəviliyi məsələsi elə bu qanunun preambulasında ikinci abzasda göstərilir. 11.1.8-ci maddənin qalıb-qalmamasına onun elə bir təsiri yoxdur. Yəni burada dünyəvilik öz əksini tapıb. 11.1.8-ci maddə çox mübahisəli maddədir və bunun ətrafında hər kəsin müstəqil fikri ola bilər. Mən Sizinlə razıyam ki, biz dünyəvi dövlət olduğumuz üçün dünyəviliyi bütün istiqamətlərdə qoruyub saxlamalıyıq. Amma bu, müzakirədir. Hər kəs öz fikrini söyləyə bilər. Bənazir Bhuttonun ölümünə çox təəssüf edirəm, amma o bu qanun layihəsinə hər hansı bir təsir göstərməyibdir. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Bahar xanım. Azərbaycan Respublikasında bir neçə ildir geniş vüsət almış təhsil islahatları ardıcıl surətdə həyata keçirilir və bu islahatlar öz bəhrələrini verməkdədir. Bir neçə istiqamətdə həyata keçirilən təhsil islahatının uğurları və bəhrələri haqqında fikir söyləmək mümkündür. Mən ilk növbədə Azərbaycanda təhsil şəraitinin yaxşılaşdırılması üçün hörmətli Prezidentimizin təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyata keçirilən məktəb tikintisi və məktəblərin təmiri işini, eləcə də Azərbaycanda yeni təhsil konsepsiyasına uyğun olaraq dərs vəsaitlərinin hazırlanması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən geniş miqyaslı işi xüsusi qeyd etmək istəyirəm. Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü də Azərbaycanda təhsilin və biliklərin inkişaf etməsinə təkan verəcək çox ciddi addımlardan biri kimi qiymətləndirilməlidir. Bütün bunlar Azərbaycanda təhsilin inkişafının yeni bir səviyyəyə, yeni mərhələyə keçmək ərəfəsində olduğundan xəbər verir. Təbiidir ki, təhsilin inkişafında Azərbaycanın yeni mərhələyə keçməsi onun təhsil sahəsində qanunvericiliyinin təkmilləşdirilməsini vacib bir şərt kimi irəli sürür.
Bu gün ölkəmizdə Təhsil haqqında qanun layihəsini müzakirə edərkən Azərbaycan cəmiyyətinin bundan nə gözlədiyi və Təhsil haqqında qanunun konseptual bazasının nədən ibarət olması haqqında fikir mübadiləsi aparılır. Təbiidir ki, insanlarımız Azərbaycanın yeni Təhsil qanunundan ölkəmizin təhsilinin daha da inkişaf etdirilməsi kimi bir gözləntisini açıq şəkildə ifadə edir, bu sahədə olan problemlərin sürətlə aradan qaldırılması istəklərini ortaya qoyurlar.
Azərbaycan Respublikasında təhsil sahəsində problemlərin təkcə Azərbaycanın təhsil qurumları ilə əlaqədar olduğunu düşünmək, güman edirəm ki, düzgün olmazdı. Azərbaycanda ən çox təhsil sahəsində problemlərin yaranmasına səbəb olan amil, mənim qənaətimcə, Azərbaycan cəmiyyətində bu sahədə dəyərlərin ciddi şəkildə aşılanmasıdır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insanlar daha çox təhsil haqqında sənəd almaq barədə düşünürlər. Təhsil dəyərində diplom istəyi üstünlük təşkil edir. Bu istəyi əsaslandıran dəyərlər sistemini dəyişdirmədən Azərbaycanda təhsil sahəsində ciddi şəkildə dəyişikliklərin əldə edilməsinə inanmaq çətindir. Azərbaycanda təhsil sahəsində bu gün bizim hamımızı narahat edən problemlərin həll olunmasında, hesab edirəm ki, vacib bir məqam bu gün müzakirə etdiyimiz qanun layihəsinin üzərinə düşür.
Bu gün ölkəmizdə təhsil sahəsində meydana gəlmiş problemlərdən biri də Azərbaycanda repetitorluğun məktəbi sıxışdırması ilə bilavasitə əlaqədardır. Bunun özü də ölkəmizdə valideyn və şagirdlərin hansı üsullarla olursa-olsun ali məktəbə daxil olub diplom əldə etmək istəyinin ali təhsil alaraq həqiqi mənada bilik əldə etmək istəyindən üstün olmasını göstərir. Bunların hamısı Azərbaycan cəmiyyətində təhsilin keyfiyyətinin yeniləşdirilməsi ilə əlaqədar bizim hamımızın qanun layihəsindən gözlədiyimiz əsas məqamlardır.
Güman edirəm ki, bu gün müzakirə etdiyimiz Təhsil haqqında qanunun konseptual bazasını təşkil edən məqamlardan biri də təhsil sahəsində liberal dəyərlərə daha cəsarətlə getməkdən ibarət olmalıdır. İndiyə qədər təhsildə mövcud olan problemlərin inzibati üsullarla aradan qaldırılması istiqamətində çox cəhdlər göstərilib. Qeyd etmək lazımdır ki, bunlar heç də həmişə lazım olan nəticəni verməyibdir.
Digər sahələrdə həyata keçirilən liberallaşma həmin sahələrin inkişafına müsbət təsir göstəribsə, düşünürəm ki, təhsil sahəsində də liberal dəyərlərin təsbit edilməsi bu sahədə olan problemlərin xeyli hissəsinin aradan qaldırılmasına gətirib çıxara bilər. Mən ilk növbədə inzibatçılığın mümkün qədər aradan qaldırılmasını və inzibati üsullarla təhsilin yaxşılaşdırılması cəhdlərinin liberal üsullarla təhsilin keyfiyyətinin yaxşılaşdırılması metodları ilə əvəzləndirilməsini nəzərdə tuturam.
Bunun bir məqamı da ondan ibarətdir ki, ölkəmizdə indi ali təhsil xüsusi imtiyaz olmamalıdır. Ola bilsin ki, 30, 40, 50 il bundan əvvəl ali təhsil cəmiyyət üzvləri üçün xüsusi bir imtiyaz sayılırdı, amma indi dünyanın heç bir yerində ali təhsil ayrıca bir imtiyaz hesab olunmur. Ali təhsil də təhsilin aşağı pillələrində olduğu kimi, insanların savad, bilik və lazımi vərdişlərinin artırılmasına imkan yaradan bir təhsil prosesi olmalıdır. Belə yanaşma zəminində, hesab edirəm ki, biz ali təhsil haqqında indi həyəcanla danışdığımız məsələlərin çoxunu danışmalı olmayacağıq. Ali təhsil xüsusi imtiyazlı bir məqam olmayacaqsa, onda ali təhsil müəssisələrinin yaradılması, orada təhsil alanların sayının tənzimlənməsi və sairlə bağlı bu gün cəmiyyətimizi və müvafiq qurumlarımızı narahat edən bir sıra problemlər də özünün həllini tapacaq.
İndi Azərbaycan cəmiyyəti də kifayət qədər liberallaşdığından ali təhsil diplomu alan insanların dövlət tərəfindən işlə təmin olunması kimi bir metoddan istifadə olunur. Belə olan halda insanların biliklərinə uyğun olaraq, aldıqları diploma görə yox, bacarıqlarına görə özlərinə iş tapması vərdişləri formalaşacaqdır. Cəmiyyət bu formalara alışacaq. Ona görə də hesab edirəm ki, cəmiyyətdə ali təhsil diplomunu ciblərində gəzdirən çoxlu sayda insanların olmasından vahimələnmək lazım deyil.
İndi belə bir praktika artıq özünü büruzə verir ki, diplom almaq istəyən insan ali məktəbə daxil olub-olmamasından asılı olmayaraq müxtəlif üsullarla diplom əldə etmək imkanlarına malikdir. Ona görə də hesab edirəm ki, ali təhsili imtiyazlı bir kateqoriyaya çevirib, diplomu fetişləşdirməyə ehtiyac yoxdur. Bunu cəmiyyət həyatının adi bir halına, inkişafın adi bir prosesinə çevirmək lazımdır.
Mən təhsil müəssisələrinin, xüsusilə də ali məktəblərin yaradılması ilə bağlı mövcud qanunvericiliyin konseptual bazasına yeni bir yanaşmanı təklif etmək istəyirəm. İndiki qanunvericiliyə görə, ali təhsil müəssisəsi yaratmaq istəyən şəxs bunun üçün vacib şərait və imkanın olub-olmamasından asılı olmayaraq bunu yarada bilir. Mən hesab edirəm ki, ali və ya orta təhsil müəssisəsinin yaradılması haqqında qərarın qəbul edilməsi ilə ali və ya orta təhsil müəssisəsinin işə başlaması üçün lisenziyanın verilməsi arasında ən azı 3 il müddət keçməlidir ki, qərar veriləndən sonra həmin şəxs təhsil müəssisəsinin binasını tiksin, lazım olan avadanlıqları hazırlasın, şəraitini yaratsın, kadr potensialını formalaşdırsın. Bunun hamısı yerinə yetirildikdən sonra müvafiq qurum təhsil sahəsində fəaliyyətə başlamaq ilə əlaqədar lisenziyasını verə bilər. Bundan sonra isə, hesab edirəm ki, lisenziya yalnız ciddi qanun pozuntularına görə ləğv edilə bilər. Beş ildən bir, üç ildən bir, yeddi ildən bir lisenziyanın yoxlanılması və onun yenidən verilməsi praktikasına da, güman edirəm ki, son qoyulmalıdır.
Konseptual baxımdan mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Bu da Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş orta icbari təhsil müddətinin iki il azaldılmasıdır. Əgər təhsil 6 yaşdan başlayacaq və 9 il davam eləyəcəksə, demək, orta təhsili bitirənlərin 15 yaşı olacaqdır. Mən belə hesab edirəm ki, orta məktəbi 15 yaşında bitirən və orta məktəbin digər pillələrində oxumayan çoxlu sayda oğlan və qızlarımızın bu müddətdə nə işlə məşğul olacağı haqqında da düşünmək lazımdır. Təhsilin bir funksiyası da ondan ibarətdir ki, gənclər həm də ictimai, səmərəli fəaliyyətlə məşğul olurlar.
Nəhayət, abituriyentlərin ali məktəblərə yerləşdirilməsi ilə əlaqədar məsələyə mən öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda təhsil sahəsində sadaladığımız bir çox müsbət təcrübələrlə yanaşı, tələbə qəbulunun test imtahan üsulunu mən qeyd eləmək istəyirəm. Bu, Azərbaycan cəmiyyəti tərəfindən də müsbət dəyərləndirilmişdir. Mən hesab eləyirəm ki, ali məktəblərin xüsusi maraq dairəsində o olmamalıdır ki, ali məktəbə tələbəni kim qəbul edir. Ali məktəbin xüsusi maraq dairəsində o olmalıdır ki, ali məktəbə həqiqi mənada ali təhsil almağa layiq olan abituriyentlər qəbul olunsunlar. Bunun hansı üsulla olacağı, hansı formada olacağı, bu prosesə kimlərin cəlb olunacağı, mən belə hesab edirəm ki, həlledici məsələ deyil.
Təhsil qanununun layihəsində maraqların tarazlaşdırılmasını mən müsbət məqam hesab eləyirəm. Amma fikrimcə, maraqların tarazlaşdırılması bütövlükdə ictimai maraqları üstələyən bir istək olmamalıdır.
Bunların hamısını qeyd edərək mən bildirmək istəyirəm ki, müzakirə elədiyimiz qanun layihəsi lazım olan tələblərə cavab verir.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Müzakirələri davam etdiririk. Fuad Muradov.
F. Muradov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bu qanun layihəsi Azərbaycan gəncləri tərəfindən çox böyük diqqətlə qarşılanıb. Biz hesab edirik ki, bu qanun gələcəkdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına şərait yaradacaq. Ona görə bir neçə xüsusi məqamı vurğulamaq istəyirəm. Azərbaycanın təhsil sistemində bugünkü uğurlar, nailiyyətlər ümummilli lider Heydər Əliyevlə bağlıdır və biz çalışmalıyıq ki, bu uğurları gələcəkdə də davam etdirək. Komissiya üzvləri, komissiya sədri və ekspertlər çox böyük iş görüblər və Azərbaycanın gələcəyi, Azərbaycan gəncliyi üçün mühüm bir sənədi bizə təqdim ediblər. Ona görə onlara təşəkkürümü bildirirəm.
Biz burada təhsil kreditinin verilməsi və təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi məsələlərini müsbət cəhət kimi qiymətləndiririk. Təhsil fondunun yaranması çox vacibdir. Bütün dünyada bu fondlar mövcuddur və gənclərin müxtəlif ölkələrdə həmin təhsil fondlarından təhsil krediti götürməsi son nəticədə bu tələbələrin yüksək təhsil almasına gətirib çıxarır.
Sağlamlıq imkanlarından məhrum olan şəxslər üçün xüsusi müəssisələr var. Biz dəfələrlə bu barədə danışmışıq ki, sağlamlıq imkanı az olan insanların ali məktəblərdə təhsil alması üçün də şərait yaradılmalıdır. Bu qanunda bunun olmasını mən müsbət hal kimi qəbul edirəm.
Bu gün bütün dünyada xüsusi peşələrə ehtiyac var. Amma bizdə belə bir tendensiya yaranıb ki, insanlar daha çox humanitar fənləri seçirlər. Bu isə son nəticədə işsizliyə gətirib çıxarır. Halbuki istənilən ölkədə bu gün şərait yaranıb ki, insanlar iş tapa bilsinlər. Amma bizim gənclərin çox vaxt peşə ixtisaslarına malik olmamaları bizdə gənclər arasında işsizlik hallarının çoxalmasına səbəb olur. Təsadüfi deyildir ki, peşə məktəblərinin inkişaf etdirilməsi və onların bazasının möhkəmləndirilməsi məsələlərinə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük diqqət göstərilir. Ona görə biz də çalışmalıyıq ki, bu qanun ölkəmizdə peşə təhsilinin inkişafına təkan versin.
Digər məsələ. Mən hesab edirəm ki, konseptual olaraq biz bu layihəni qəbul etməliyik. Amma bəzi təkliflər var ki, istəyirəm, onları millət vəkilləri nəzərə alsınlar. Bu gün ən ciddi problemlərdən biri də təhsildə nəzarət məsələsidir. Biz dəfələrlə bu barədə danışmışıq, müxtəlif təşkilatlar da bunu dəfələrlə deyiblər. Biz çalışmalıyıq ki, təhsildə nəzarəti gücləndirək. Bu funksiyanı dövlət qurumu da, ictimai təşkilatlar da daşıya bilər. Mən istəyirəm, bu qanunda xüsusi olaraq bu nəzarət sistemi haqqında, heç olmasa, bir neçə sətir olsun. Bəzi ali məktəblərdə bu gün, həqiqətən, ciddi problemlər var. Bunu hamısına şamil etmək olmaz. Amma bu problemlər bu gün var. Ona görə mən Azərbaycan gənclərindən məhz bununla bağlı təkliflər alıram. Məndə onların qanunda görmək istədikləri müddəalar var və mən onları ikinci oxunuşda təqdim edəcəyəm.
Əvvəlki redaksiyada qanunda inzibati vəzifələrlə bağlı müəyyən yaş limiti nəzərdə tutulmuşdu. Bu qanunda biz bunu görmədik. Mən istəyirəm ki, bu məsələyə biz ciddi yanaşaq. Həqiqətən, vaxtaşırı olaraq gəncləri müəyyən inzibati vəzifələrə gətirmək lazımdır. Bu proses hər yerdə, o cümlədən bütün dövlət orqanlarında gedir. İstərdim ki, ali məktəblərdə də bunu nəzərə alaq. Amma bu o demək deyil ki, biz yaşlı nəsli işdən çıxarmalıyıq və yaxud onlara problem yaratmalıyıq. Bunun da yolu var. Bütün dünyada novasiya sistemi var. Burada professor var, doktor var, elmdə yüksək nailiyyətləri olan insanlar var. Ali məktəbdə bir şura yaradılır. Bu insanlar da dərslərini deyirlər, gəlirlər, tələbələri görürlər, məsləhətlərini verirlər. Amma inzibati vəzifələrdə məhz gənclərin işə cəlb olunmasına şərait yaratmaq lazımdır. Ona görə yaş senzi ilə bağlı məsələni biz bura salmalıyıq.
Burada bir sıra məsələlər artıq deyildi, ona görə təkrarlamaq istəmirəm. İki, üçpilləli təhsil məsələlərinə qayıtmaq istəyirəm. Mən bu sahədə müəyyən araşdırmalar apardım və bunun şahidi oldum ki, bakalavr diplomu olan insanın işə götürülməsi ilə bağlı böyük problemlər yaradılır. Siz özünüz də bunu görə bilərsiniz. İşə qəbul üzrə dövlət komissiyası var. Orada bakalavr diplomu və magistr diplomu tələb olunur. Düzdür, qanunda göstərilir ki, bakalavriat artıq ali təhsil deməkdir. Amma biz əmin ola bilərikmi ki, gələcəkdə bu, bakalavr diplomlu insanların işə götürülməsi ilə bağlı problemlər yaratmayacaq?
Azərbaycanda qəbul imtahanları ilə bağlı sistem, hesab edirəm ki, çox doğru bir sistemdir. Həqiqətən də, imkanı aşağı olan, şəhərdən kənarda yaşayan çoxlu gənclər bu qəbul sistemindən bəhrələnərək yüksək bal toplayır, institutlara girə bilirlər. Amma biz artıq Avropa təhsil sistemini ölkəmizdə tətbiq etmək istəyiriksə, ona nail olmalıyıq ki, gələcəkdə tələbələr hansı universitetdə hansı ixtisas alacaqlarını seçə bilsinlər. Bu, ola bilsin, bir günün işi deyil, amma biz bu sistemə keçməliyik. Çünki bütün dünya bu sistemə keçib.
Bir tərəfdən də biz Boloniya prosesinə qatılmışıq. Mən Boloniya prosesini xüsusi olaraq qeyd etmək istəyirəm. Boloniya prosesi, sadəcə olaraq, Boloniya şəhərində imzalanan bir sənəd deyil. Bu, ümumiyyətlə, Avropada bir təhsil sistemidir. Sadəcə olaraq, Boloniyada imzalandığına görə biz buna Boloniya prosesi deyirik. Mən görürəm ki, bəzi hallarda biz bunu tam dərk edə bilmirik. Boloniya prosesi, ümumiyyətlə, təhsil sisteminin yeni bir formasına keçməsidir. Bu prosesə qoşulmaq hələ tam Avropa Birliyinin üzvləri olmayan, hələ tam Avropaya inteqrasiya olunmayan ölkələrə təklif olunur ki, onlar bundan bəhrələnsinlər. Bizim özümüzün marağı olmalıdır ki, biz Boloniya prosesi çərçivəsində öz tələbələrimizi xaricə göndərə bilək, Azərbaycanda ali təhsil almış gənclərimizin diplomunu xaricdə tanınmasına köməklik edək. Burada heç bir milli ənənənin, yaxud da hansısa dəyərlərin pozulmasından söhbət getmir.
Növbəti məsələ 11.1.8-ci maddə ilə bağlıdır. Oqtay müəllim buna şərh verdi. Sadəcə olaraq, demək istəyirəm ki, artıq bu mövzu müəyyən siyasi qüvvələr tərəfindən dividend qazanmaq üçün ortaya atılıb. Hesab edirəm ki, Oqtay müəllimin mövqeyi çox düzgündür və biz 11.1.8-ci maddəni buradan çıxarmalıyıq. Gələcəkdə buna bir də baxa bilərik.
Özəl universitetlərin akkreditasiyası ilə bağlı məsələyə Siyavuş müəllim toxundu. Mən də bu məsələyə dair fikrimi bildirmək istəyirəm. Mən özəl universitetlərin yaradılmasını təqdir edirəm. Digər ölkələrdə şəxsi universitetlər dövlət universitetlərindən daha nüfuzludurlar. Amma qanunda qeyd etməliyik ki, universitet yaratmaq, universiteti qeydiyyatdan keçirmək necə olmalıdır, bunun üçün hansı sənədlər lazımdır, hansı normativ hüquqi baza lazımdır. Yoxsa qeydiyyatdan keçirlər, bir neçə il camaatı qəbul edirlər, sonra da fəaliyyətlərini dayandırırlar. Bu il biz bu problemlə üzləşdik. Minlərlə gəncin müraciəti oldu bizə. Nəyə görə bu problem yaranmalıdır? Bütün dünyada özəl universitetlərin qeydiyyatı şəffaf aparılır. Onlara müəyyən müddət verilir və o müddət ərzində institut, universitet öz iş planını təsdiq edir və dövlət qarşısında müəyyən öhdəlik götürür ki, bəli, 5 il ərzində mənim filan ixtisaslar üzrə tələbələrim olacaq və mən bu tələbələrə diplom verəcəyəm.
Ümumilikdə, hesab edirəm ki, çox vacib qanun layihəsini müzakirə edirik və o, qəbul edilə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu çıxış edənlərdən sonra 50 nəfər çıxışa yazılıb. İstərdim ki, çox adam danışsın. Hər çıxış 10 dəqiqə olarsa, çoxlarına vaxt çatmayacaq. Konseptual qanundur, birinci oxunuşdur. Mən sizə söz verirəm ki, ikinci oxunuşda çıxışlar mütləq 10 dəqiqə olacaq. Əgər etiraz yoxdursa, konseptual cəhətdən çıxış etmək üçün 5 dəqiqə limit təyin edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, sən 10 dəqiqə çıxış edərsən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 82
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 86
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təhsil haqqında qanun bütün Azərbaycan əhalisinin marağı və ehtiyacı olan, hamının gözlədiyi bir qanundur. Təbii ki, burada müəyyən şəxslərin qeyri-sağlam marağı və müəyyən şəxslərin sahə maraqları var. Biz çalışmalıyıq ki, konseptual baxımdan elə bir qanun qəbul edək ki, o bu şəxslərə və sahələrə deyil, bütövlükdə millətə, dövlətə, millətin gələcəyinə xidmət etsin.
Düşünürəm ki, üzərində uzun müddət iş gedən Təhsil haqqında qanun layihəsi bu tələblərə cavab verən, kifayət qədər əhatəli, sistemli hazırlanmış və bu gün müzakirələrdən sonra konseptual baxımdan qəbul olunmalı bir layihədir. Şübhəsiz ki, konseptual baxımdan bu layihədə əsas parametrlər normal olmalıdır ki, təhsildə olan bugünkü problemlər aradan qalxsın və gələcəkdə belə problemlər yaranmasın. İlk növbədə təhsilin keyfiyyətli olması təmin edilsin, təhsil sahəsindəki maddi-texniki problemlər həll olunsun, təhsilə qanunsuz müdaxilələrin və təhsil sistemindən kənar təhsilin qarşısı alınsın, təhsil işçilərinin sosial müdafiəsi güclənsin. Təhsil haqqında qanun o qədər geniş, əhatəli qanundur ki, burada 500 adam 500 fikir deyə və 500 fikrin 500-ü də düz ola bilər. Amma bu fikirlər arasından ən əhəmiyyətlilərini seçib qəbul etmək lazımdır.
Burada müxtəlif sahələrə toxunuldu. Mən dövlət təhsil sistemində olan mülkiyyət münasibətlərinə toxunmaq istəyirəm. Sovet dövründə tikilmiş məktəblərin çox gözəl bazaları, stadionları, idman zalları var idi. Təəssüflər olsun ki, 1990-cı illərdə bunların bir hissəsi qeyri-qanuni olaraq özəlləşdirildi, bir hissəsinin torpaqları alındı və indi də belə qeyri-münasib vəziyyət qalmaqdadır. Mən çox istərdim ki, bu gün qəbul edəcəyimiz Təhsil qanununda dövlət təhsil sistemindəki mülkiyyət münasibətləri dəqiqləşdirilsin, aydın şəkildə göstərilsin ki, heç bir təhsil müəssisəsinin mülkiyyəti özəlləşdirilə bilməz və təhsildən kənar xidmətə verilə bilməz. İmkan daxilində biz bu qanunda, mümkün deyilsə, başqa qanunda belə bir norma qəbul edək ki, indi özgələşdirilmiş təhsil müəssisələrinin obyektləri, stadionları, qurğuları özlərinə qaytarılsın.
Mənim digər təklifim təhsil işçilərinin sosial müdafiəsi ilə bağlıdır. Burada məndən öncə çıxış edən deputatlar bu barədə danışdılar. Təhsil işçilərinin sosial müdafiəsi, onların əmək haqları bu qanunda elə bir şəkildə öz əksini tapmalıdır ki, müəllimlərin ən aşağı maaşı ya respublika üzrə orta əmək haqqına, ya da yaşayış minimumunun 2-3 mislinə bağlansın. Əgər biz istəyiriksə, təhsildə keyfiyyət olsun, problemlər olmasın, repetitorlara ehtiyac olmasın, başqa qeyri-sağlam münasibətlərə ehtiyac olmasın, birinci növbədə təhsil sahəsində çalışan insanların dövlət təminatını yaxşılaşdırmalıyıq.
Digər bir təklifim xarici tələbələrlə bağlıdır. Xaricdən Azərbaycana tələbə axınını stimullaşdırmaq üçün bu qanunda kifayət qədər imkanlar verən müddəalar yaratmalıyıq. Xaricdən gələn tələbələrin qəbulu məsələsini bu qanunla universitetlərin özlərinə həvalə etmək və o universitetlərə qəbulun keçirilməsi qaydalarını onların özlərinin müəyyən etməsinə icazə vermək lazımdır. Hansı universitet yaxşı təhsil verəcək, təbii ki, ora daha çox tələbə gələcək. Xaricdən gələn tələbə Azərbaycandan bir diplom və bir savaddan başqa heç nə aparmayacaq. Əslində, Azərbaycana vəsait gətirəcək və Azərbaycan haqqında, ola bilsin, xoş təəssüratlarını aparacaq.
Digər məsələ tələbə qəbulu məsələsidir. Qanunda bu məsələ tam qətiliyi ilə özünü göstərməyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının testlə tələbə qəbulu sistemi Azərbaycanda artıq özünü doğruldub və cəmiyyət tərəfindən qəbul olunub. Düşünürəm ki, buna toxunmaq, təzədən ayrı sistemlər axtarmaq lazım deyil. Bu şəkildə, məncə, davam etmək lazımdır. Mən repetitorluqla bağlı bir neçə kəlmə demək istəyirəm. Biz ya repetitorluğa hüquqi əsas verib qanuniləşdirməliyik, ya da bunun iqtisadi əsaslarını tapmalıyıq. Elə olsun ki, həmin müəllim məktəbdə öz dərsini şagirdinə öyrətsin.
Təklif edirəm ki, bugünkü müzakirənin sonunda qanun layihəsini birinci oxunuşda qəbul edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən imkan daxilində konkret olacağam. 1-2 dəqiqə vaxt ötsə, xahiş edirəm, çıxışımı yarımçıq saxlamayasınız. Mən sözümü Milli Məclisin rəhbərliyinin, Elm və təhsil məsələləri daimi komissiyası üzvlərinin ünvanına xoş sözlərlə başlamaq istəyirəm. Nəhayət ki, Oqtay müəllim, Sizin iradəniz, rəhbərliyin iradəsi və əlbəttə, ölkə Prezidentinin iradəsi belə bir qanun layihəsinin bu gün müzakirəyə çıxarılmasına imkan yaratdı. Ona görə mən sizin hamınıza öz təşəkkürümü bildirirəm.
Bu qanunu ona görə qəbul edirik ki, təhsil sistemində mövcud olan problemlərin aradan qaldırılması qanunvericilik bazası əsasında həyata keçirilsin. Müəyyən boşluqlar var, o boşluqlar aradan qaldırılsın. Təqdim edilmiş qanun layihəsinin strukturu bu baxımdan onun mahiyyətinə tamamilə uyğun gəlir. Dörd fəsildən ibarət olan qanunda qarşıya qoyulmuş məqsəd, əslində, o fəsillərdə ifadə olunan ayrı-ayrı maddələrdə reallaşdırılmışdır.
İkincisi, qanunun fəlsəfəsi onun mahiyyəti ilə tamamilə üst-üstə düşür. Doğrudan da, əgər əvvəlki qanun normal işləsəydi, problem yaratmasaydı və təhsil sistemində problem olmasaydı, belə bir qanun layihəsinin yenidən işlənməsinə və müzakirəyə çıxarılmasına ehtiyac olmazdı. Deməli, ehtiyacdan doğan bu qanun qəbul edilməli idi.
Üçüncü, nə üçün biz bu qanunu qəbul edirik? Azərbaycan bütün sahələrdə Avropaya inteqrasiya olunur. Azərbaycan, eyni zamanda, təhsil sistemi ilə də Avropanın təhsil məkanına daxil olmalıdır və burada deyildiyi kimi, Azərbaycan təhsil sistemində oxuyub qurtaran tələbələr, ya bakalavr, ya magistr pilləsini qurtaranlar xaricdə hər hansı bir problemlə üzləşməsin və yaxud xaricdə qurtaran Azərbaycanda gəlib normal bir şəraitdə öz fəaliyyətini davam etdirə bilsin. Bu baxımdan həm də bu qanun bu gün gündəliyə çıxarılıb və bu da əhəmiyyətlidir.
Dördüncü, əgər hörmətli nazir Misir Mərdanov Boloniya sisteminə qoşulmaqla bağlı sənədlərə qol çəkibsə, deməli, qanunvericilik də ona uyğunlaşdırılmalıdır. Ola bilməz ki, biz Boloniya sisteminə qoşulaq, lakin qanunvericiliyimiz ona uyğun olmasın. Saymış olduğum dörd müddəa kifayət qədər əsas verir ki, biz bu qanunu bu gün müzakirə eləyək. Mən deyərdim ki, qanun konseptual baxımdan normal işlənibdir və birinci oxunuş üçün tam hazırdır. Mən ümidvaram ki, hörmətli həmkarlarım iclasın sonunda bu qanun layihəsini birinci oxunuşda qəbul edəcəklər.
Onun müsbət cəhətləri, məziyyətləri haqqında kifayət qədər danışmaq olar. Mən ancaq bir neçəsini deyəcəyəm. Birinci, təhsil sisteminin müəyyənləşməsində yaş həddinin üç yaşından götürülməsi son dərəcə əhəmiyyətlidir. Bu müddəa uşaq bağçalarını stimullaşdırır. Orta məktəbdə icbari təhsilin 9 illik olması imkan yaradır ki, 10-cu, 11-ci siniflərə oxuyan şagirdlər keçsinlər, deməli, yayınma halları olmasın. Bildiyimiz kimi, pis vərdişlər həmişə daha yoluxucu olur. Oxumayan şagirdlərin oxuyan şagirdlərə təsiri həmişə olur. Ona görə biz bu xoşagəlməz psixoloji məqamı aradan qaldırmalıyıq. Bu baxımdan mən icbari təhsil sisteminin 11-dən 9-a endirilməsinə çox müsbət yanaşıram.
Digər bir məsələ – testdən istifadə. Bəli, mən birmənalı olaraq bunun tərəfdarıyam. Lakin indi testlə imtahan verəndən sonra seçimin tələbələrin ixtiyarına verilməsi, mən deyərdim, ən mütərəqqi haldır. Dünyanın bütün ölkələrində belədir. Ola bilməz axı, tələbənin özü dursun kənarda, hansısa bir icra orqanı ondan həm imtahan qəbul eləsin, həm də onu istədiyi yerə göndərsin. Bu, əslində, anormal bir şeydir. Çox şükür ki, bu, artıq aradan qaldırılıb və qanunda öz əksini tapıb. Mən onun tərəfdarı idim ki, ümumiyyətlə, vahid bir test imtahanı olsun. Yəni orta məktəbi qurtaran gənc vahid bir test imtahanı verir və bu imtahanda toplamış olduğu ballara görə özünün istəyi ilə ayrı-ayrı ali məktəblərə yerləşdirilir. Mən güman eləmirəm ki, burada neqativ hal ola biləcəkdir. Yəni artıq bu səlahiyyətin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından alınıb...
Sədrlik edən. İndi qoyduğumuz qaydanı pozsaq, həmişə pozmalı olacağıq. Görürsən, mən başlayandan pozmamışam.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseynə mən 10 dəqiqə verməmişəm, sadəcə, öz vaxtımı ona vermişəm. Lazım olar, sənə sonra vaxt verərlər, yaxşımı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Təhsil haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılmasını mən də müsbət qiymətləndirirəm. Bütün Azərbaycan vətəndaşları xeyli müddətdir ki, bu qanunun müzakirə edilməsini gözləyirdilər. Çünki sosial-iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın təhsili güclü, davamlı olmalıdır. Son illər Azərbaycan təhsilinin inkişafına göstərilən qayğı və diqqət, yüzlərlə yeni məktəbin tikilməsi, təmiri, yeni təlim-tərbiyə müəssisələrinin yaradılması və müasir avadanlıqlarla təmin edilməsi, müəllimlərin əmək haqqının artırılması və həyata keçirilən mühüm tədbirlər bunun bir daha ifadəsidir. Təqdim olunan qanun layihəsi üzərində bir neçə ildir ki, iş gedir. Bu isə təhsilin ölkənin həyatı, gələcəyimiz üçün çox əhəmiyyətli olduğunu və bu qanunun strateji əhəmiyyətini bir daha sübut edir. Qanun layihəsi əhatəlidir. İlk oxunuşun tələblərinə cavab verir, onun qəbul olunmasına mən də səs verəcəyəm.
Mən indi bu layihənin müzakirəsi ilə əlaqədar müəyyən təkliflərimi bildirmək istərdim. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 2-ci bəndində göstərilir ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bu məsələ qanun layihəsinin 5.10.3-cü maddəsində də öz əksini tapmışdır. Lakin layihənin 17.1.2-ci maddəsində ümumi orta məktəb təhsili üç pilləyə bölünmüşdür və ümumi orta təhsil ibtidai təhsildən sonra gəlir. Yəni müvafiq maddədə ümumi orta təhsilin 5-7-ci sinifləri əhatə etdiyi göstərilir. Buradan belə nəticəyə gəlmək olar ki, indiki zamanda biz icbari təhsil müddətini 11 ildən 9 ilə endirmiş oluruq. Bunun müsbət və mənfi cəhətləri vardır. Ancaq mənfi cəhətləri daha çoxdur. Elə olduqda imkansız ailələrdən olan uşaqların onbirillik təhsil almaq imkanları aşağı düşə bilər. Çünki onlar icbari olmayan təhsil ardınca yox, başqa iş dalınca gedəcəklər. Digər tərəfdən biz bu halda minlərlə uşağı məktəb nəzarətindən kənarda qoymuş oluruq. Onlar gələcəkdə mənfi meyillərə yuvarlana bilərlər. Eyni zamanda, bu, cəmiyyətin bilik səviyyəsinin aşağı düşməsinə də səbəb olacaqdır.
Layihənin 27.2-ci maddəsinin təkmilləşdirilməsinə ehtiyac vardır. Belə ki, qanunvericilik təcrübəsinə əsasən qanunda icra orqanının adı konkret göstərilmir. Bu maddədə isə konkret icra orqanının adı, biliyin qiymətləndirilməsi üzrə dövlət komissiyasının adı göstərilmişdir.
Təhsil müəssisələrinin lisenziyalaşdırılması sahəsində hörmətli Siyavuş Novruzovun təkliflərini mən də müdafiə edirəm. Qanunun müvafiq maddəsində dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu nəzərdə tutulur. Elə bilirəm ki, bu bizim təhsilimizə uğur gətirə bilməz. Əksinə, qəbulda ciddi saxtakarlığa, özbaşınalıqlara imkan verə bilər. Belə ki, müəyyən imkanlı adamlar hansısa 2-3 ölkənin təşkil edib beynəlxalq status verdiyi müsabiqə və yarışlarda öz övladlarının iştirakını təmin edib, onlara qalib adını ala bilərlər. Belə insanlar yüzlərlə gənci ali məktəblərə qəbul etdirə bilərlər ki, bu da gələcəkdə uyğunsuzluqlara gətirib çıxara bilər.
Mən müəllimlərə əmək haqqının tədrisin keyfiyyətinə görə hesablanmasının tərəfdarıyam. Yaxşı müəllimlər mütləq fərqləndirilməli, seçilməli, yaxşı işlədikləri, yaxşı bilik verdikləri kimi də yaxşı əmək haqqı almalı, yaxşı dolanmalıdırlar. Bu hal savadlı müəllimlərin savadsız müəllimləri sıradan çıxarmasına şərait yaratmaqla bərabər, həm də müəllimlərdə məsuliyyətin artırılması üçün bir stimul yarada bilər. Elə bilirəm ki, çətin olsa da, bunun üçün müvafiq mexanizm işləyib hazırlamaq olar.
Qanunda orta məktəb təhsilində xüsusi nailiyyətlər əldə edən məzunların qızıl və gümüş medalla təmin edilməsi göstərilir. Bu yaxşı haldır. Ancaq qızıl və ya gümüş medal alan məzunların ali məktəblərə qəbul zamanı nəzərə alınmaması bu medalların qiymətini heçə endirir. Belə olduğu halda, bu medallar kimə və nəyə lazımdır? Yaxşı olar ki, medal alan məzunlara ali məktəblərə qəbul zamanı müəyyən üstünlüklər verilsin.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov, buyurun.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar və hörmətli dəvət olunanlar! Bu gün respublikamızda böyük marağa səbəb olan Təhsil haqqında qanun layihəsi müzakirə olunur. Əlbəttə, Təhsil haqqında qanun layihəsinin dolğun və mükəmməl şəkildə işlənib hazırlanması ziyalıların və təhsil işçilərinin marağında idi. 6 fəsildən və 47 maddədən ibarət olan bu qanun layihəsi vətəndaşlarımızın təhsil hüquqlarının təmin edilməsi sahəsində dövlət siyasətinin tənzimlənməsini həyata keçirəcəkdir.
Qanun layihəsi insan hüquqları haqqında beynəlxalq konvensiyaları, respublikamızın qoşulduğu digər beynəlxalq müqavilələri özündə əks etdirir, milli-mənəvi dəyərləri tam təcəssüm etdirir, eyni zamanda, respublikamızın dünya təhsil sisteminə inteqrasiya olunması aydın görünür. Bu qanunun ərsəyə gətirilməsində böyük zəhmət çəkilmişdir. Mən də hesab edirəm ki, konseptual baxımdan qanun layihəsini birinci oxunuşda qəbul etmək olar. Ancaq burada bəzi məsələlərə toxunmaq istəyirəm. Əlbəttə, qanun layihəsi ciddi şəkildə işlənmişdir. Amma hesab edirəm ki, burada bəzi təkrarçılıqlar var. Eyni zamanda, ümumi “Əsas anlayışlar”da elə məsələlər var ki, qısaltmaq olar. Hər halda buna bizim komissiya bir daha baxmalıdır. Bəzi məsələləri yoldaşlar qeyd etdilər. Mən də bir məsələyə toxunmaq istəyirəm. 5-ci maddədə icbari ümumi orta təhsil barədə məsələyə toxunulur. Məktəbə altı yaşından gedən şağird doqquz il oxusa, bu, on beş yaş eləyir. Görün, on beş yaşdan sonra nə qədər uşaq küçədə qalacaq, təhsildən yayınacaq, ümumi tərbiyədən geri qalacaq. Bilirsiniz ki, on səkkiz yaşdan sonra yeniyetmələr əsgərliyə çağrılır. Eyni zamanda, Əmək Məcəlləsinə görə on səkkiz yaşdan sonra onlar işə qəbul oluna bilərlər. Bəs üç il bu uşaqlar nə edəcəklər? Heç olmasa, onlar həmin məktəbdə tərbiyə alırlar, təhsil alırlar. Hesab edirəm ki, bu haqda fikirləşmək lazımdır.
13-cü maddədə təhsilin forması ilə əlaqədar məsələlərə toxunulur. Təzədən qiyabi və axşam təhsil sisteminə qayıdırıq. On ildən artıqdır ki, Azərbaycanda axşam təhsil sistemi ləğv olunub. Bu gün Azərbaycanda dövlət institutları, bələdiyyə institutları, universitetlər, eyni zamanda, özəl təhsil müəssisələri varsa, axşam təhsil sisteminə nə ehtiyac var? Təzədən axşam təhsilinəmi qayıtmaq istəyirik? Mən bunu başa düşə bilmirəm. Ona görə də istərdim ki, gələcəkdə bu məsələləri nəzərə alaq.
Özəl müəssisələrlə bağlı bəzi məsələlərə aydınlıq gətirilib. Ancaq burada bir məsələ də var. Yazılır ki, özəl müəssisələr heç bir mənfəət güdməyəcəklər. Onda bu özəl müəssisə niyə yaranıb? Bu, sahibkarlığın bir formasıdır, mənfəət də güdəcək, qazanc da güdəcək. Bu cümləyə mən heç ehtiyac duymuram, çünki istər-istəməz mənfəət güdüləcək. Ona görə ki, sahibkar özəl müəssisəni mənfəət üçün açıb. Bu mənada hesab edirəm ki, özəl müəssisələrlə bağlı həmin məsələyə yenidən baxmaq lazımdır.
Ən vacib məsələlərdən biri 17-ci maddədə təsbit olunub. Burada təhsilin pillələrindən söhbət gedir. Əgər doktorantura keçmiş aspirantura kimidirsə, biz elə aspiranturanı saxlaya bilərdik. Aspiranturanı qurtaran müdafiə etdikdən sonra elmlər namizədi olardı, davam etdirmək istəyən isə doktoranturanı oxuyardı. Hesab eləyirəm ki, bu məsələyə bir də baxmaq olar. Mənim subyektiv fikrimdir, hesab eləyirəm ki, bu gün akademiya sistemi üçün bu məsələ çox vacibdir. Guya aspirantura olanda burada böyük bir problem yaranacaq.
Bir neçə məsələyə də toxunmaq istərdim. 35.2-ci maddədə ümumtəhsil məktəblərindən ən azı 3 kilometr uzaqda yaşayan şagirdlərin nəqliyyatla daşınması, ibtidai təhsil dövründə pulsuz isti yeməklə təmin olunması qeyd edilir. Bilirsiniz, bu gün Azərbaycanda təhsil sahəsində çox böyük işlər görülür. Cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir, məktəblər tikilir, böyük təmir işləri həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün respublikamızın regionlarında böyük işlər görülür. Ancaq mən başa düşə bilmirəm. Biz bu gün qanuna salırıq ki, məktəbdən üç kilometr uzaqda olan uşaqlar avtobusla daşınmalıdır. Kürdəmir rayonunda elə kənd var ki, məktəbə getmək üçün on iki kilometr yol getməlisən. Mən xahiş eləyirəm, bunlar nəzərə alınsın.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli, buyurun.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Güman edirəm ki, bu çərçivə qanunu çox səbr və təmkinlə müzakirə olunsa, bizim ümumi işimizə xeyir gətirər. O mənada bu, Konstitusiya qanunu deyil və istənilən vaxt cəmiyyət həyatının hansısa məqamlarını ödəməyəndə Milli Məclis hansısa maddəyə yenidən baxa bilər.
Qanunun müzakirəsində əsas hədəf nədən ibarət olmalıdır? Bu gün cəmiyyət həyatının bütün sahələrində islahat gedir və təhsil bu islahatlardan kənarda qala bilməz. Təhsil sahəsində bu gün və gələcəkdə aparılacaq islahatlara hüquqi baza lazımdır. Bu mənada Təhsil haqqında qanun layihəsi bu gün təqdim olunub və biz bunun müzakirəsinə başlayırıq. Bəzən belə görünür ki, Təhsil haqqında qanun qəbul edilən kimi, təhsil sahəsində olan bütün problemləri həll edəcək. Belə deyil. Yenə də deyirəm, bu, təhsil sahəsində aparılan islahatlara hüquqi bir bazadır, hüquqi bir istiqamətdir. Məsələn, siz fikir verin, bu qanunun qəbul edilməsinə qədər təhsil sahəsində bizim hansı uğurlarımız olub? Bu gün təhsilin maddi-texniki bazası yaradılıb. Bu bir həqiqətdir, biz bunu etiraf etməliyik. Cəmiyyət həyatında gedən proseslərə ədalətli, qərərsiz münasibət bunu deməyə əsas verir. Siz ali təhsil müəssisələrinin zahiri və daxili vəziyyətinə fikir verin. Məsələn, İqtisad Universitetinin gözəl binası var, yaxud Xarici Dillər Universitetinin, Bakı Dövlət Universitetinin darvazasından içəri girən hər bir kəs qürur duyar. Bunlar Təhsil qanununa qədər olub. Deməli, indiyə qədər qüvvədə olan Təhsil haqqında qanun fəaliyyət göstərib və həmin qanun çərçivəsində bu məsələlər həll olunub.
Yenə də deyirəm, bu qanunda biz əsas hədəfi o məqamlara yönəltməliyik ki, bu gün təhsildə olan problemlərin həllinə kömək etsin. Bu gün təhsildə aparılacaq islahatlara kömək edən hansı məqamlar var? Məsələn, birincisi, rektorların seçilməsi məsələsinə mən münasibət bildirirəm. Qanunda bu məsələ tamamilə düzgün qoyulub. Bütün ömrünü ali məktəbdə keçirən bir insan kimi, bunu tam səmimiyyətlə deyirəm, əgər bunu təyinat yox, seçkiyə istiqamətləndirsək, hava haqqında məlumatda deyildiyi kimi, Qazax, Gəncə, Astara, Lənkəran və sair zonalar üzrə namizəd veriləcək və nəticə nə olacaq? Rektor 6-7 qrupun təsiri altına düşəcək. Bu gün bizim intellektual səviyyəmiz buna imkan vermir ki, biz seçkilərə gedək. Təbii ki, təyinatda ali məktəblərdə xüsusi nüfuz sahibi olan, hamı tərəfindən qəbul edilən, cəmiyyətdə tanınan, seçiləndən sonra yox, seçilənə qədər tanınan, ali məktəbdə intellektual səviyyəsinə görə hamıdan yüksəkdə duran adam olmalıdır. Bu mənada qanunda bu cəhət diqqəti çəkir.
Mən doktoranturaya da tərəfdaram. Bizim üçün nə fərqi var, onun adını ya aspirantura, ya da doktorantura qoyaq. Əgər biz Boloniya sisteminə gediriksə, adı belə də olmalıdır. Lakin mən prinsip etibarı ilə Boloniya sisteminin əleyhinəyəm. Mən bunu tam səmimi deyirəm, hesab eləyin ki, bu gün stadionda bir dəfə qaçmayan adam on dəfə dairə vuran adama qoşulub. Bir halda ki, biz buna getmişik, bu prinsipləri də qəbul etməliyik.
Özəl təhsil ilə bağlı mən fikirlərimi demişəm. Bu gün Azərbaycanda özəl təhsildə kifayət qədər problemlər var. Dövlət təhsilindəki problemlərlə yanaşı, özəl təhsilin problemi nədən ibarətdir? Yenə də deyirəm, özəl təhsil müəssisələri ailə podratı əsasında fəaliyyət göstərir. Bizim həmkarlarımız var, özəl təhsil müəssisəsinin rəhbərləri var, bunu demirəm. Bilirsiniz, bu nəyə oxşayır? Nağıllarda deyildiyi kimi, baba turpdan, nənə babadan tutdular, dartdılar, dartdılar, çıxartdılar. Bax, bu gün özəl təhsil sistemindəki idarəçilik bu prinsip üzərində qurulub.
Nəhayət, tələbə qəbulu ilə bağlı məsələyə də fikrimi bildirmək istərdim. Bu, artıq Azərbaycana daxil olmuş prinsipdir, biz ondan kənara çıxa bilmərik. Burada çox böyük islahatlara ehtiyac duyulur. Səbəb nədən ibarətdir? Mən tam səmimi deyirəm, ali məktəblərdə ən yüksək fakültələrdə oxuyanların əksəriyyəti peçenye ilə böyüyən uşaqlardır. Kasıb uşaqları çörək yeyir, varlı uşaqları da peçenye ilə böyüyür. Bax, təhsildə ən böyük problemlərdən biri budur. Digər tərəfdən xaricilərin təsisçi olmasına qəti yol vermək olmaz, çünki onların kifayət qədər pulu var.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən qısaca bir-iki məsələ ilə bağlı fikrimi deyəcəyəm. Əvvəl Şəmsəddin müəllimdən xahiş edirəm, gələn dəfə “Əsas anlayışlar”da ifadələrə çox diqqətlə yanaşsınlar, çünki orada elə terminlər var ki, fikri ifadə etmir. Qanunu alınma ifadələrlə həddindən artıq yükləmək lazım deyil, Azərbaycan dilində ona uyğun söz tapmaq lazımdır.
Qanunun özünə gəldikdə, təbii ki, bu, çərçivə qanundur. Bizə bildirdiniz ki, bundan sonra orta təhsil, ali təhsil haqqında ayrıca qanunlar qəbul olunacaq. Amma bu çərçivə qanunun özündə bəzi ziddiyyətlər var və istərdim ki, buna da toxunaq.
Birincisi, hamımız bilirik ki, təhsildə istisna olmamalıdır. Əgər istisna imkanları yaransa, sui-istifadə halları kifayət qədər çoxala bilər. Bu istisna halları layihədə var. Burada istisna halı nədir? Tutaq ki, təhsili müəyyən pillələrə bölmüşük. Birincisi, yazırıq ki, beş yaşından başlayaraq təhsil icbari olacaq. Mən bilmirəm, Azərbaycanda hər yerdə məktəbəqədər hazırlığı icbari eləməyə bizim imkanımız çatacaqmı? Bizim bu qədər məktəbəqədər müəssisəmiz yoxdur. Düzdür, sonra yazırıq ki, bunu evdə eləyəcəyik. Amma evdə eləyəndə onun maddi tərəfi var, ya yox, bunu bilmirəm. Digər tərəfdən doqquzuncu sinifdən sonra şagirdlər hara gedirlər, bu da məlum deyil. Peşə məktəbinə gedirlər və sair. Amma iki il ərzində o qədər şagirdi peşə məktəbinə yerləşdirmək, yaxud iki il ərzində onların hansı formada təhsil alacağını qətiləşdirməmək, məncə, burada böyük boşluq yaradır və bu məsələ də həll olunmalıdır.
Burada qızıl medalla bağlı məsələni dedilər. Mən də bunun əleyhinəyəm. Digər tərəfdən məlum olmur ki, orta texniki peşə ixtisas təhsilinin ilkin mərhələsi olan ilk peşə-ixtisas təhsilinə kontingent necə formalaşacaq. Dördüncü sinfi qurtarandamı gələcək, yoxsa doqquzuncu sinfi qurtarandan sonra gələcək. Orta peşə-ixtisas təhsilində isə çox qəribə anlaşılmazlıq var. Yazılır ki, subbakalavr hazırlığını ali təhsil müəssisəsi həyata keçirəcək. Ali təhsil müəssisəsi subbakalavr hazırlayacaq, yoxsa ali təhsilli mütəxəssis? Ziddiyyət var. Sonra deyilir ki, peşə məktəbini yüksək qiymətlə qurtaranlar növbədənkənar ikinci kursda oturacaq. Ən böyük anormallıq budur. Hətta sovet dövründə texnikumu “əla” qiymətlə qurtaran təzədən imtahan verməli idi. Əgər ilk imtahandan “5” alsa, daxil olurdu, almasa, digər imtahanları verirdi. Bilirsiniz, çox qəribədir, sən doqquzuncu sinfi, mən isə on birinci sinfi qurtarım, amma səndən geri qalım. Mən yaxşı oxuya-oxuya geri qala bilərəm. Sən məndən pis oxumusan ki, peşə ixtisasına getmisən.
Doktoranturada da qəribəlik var. Belə çıxır ki, doktorantura 3 il oxuyandan sonra əlavə 3 il də doktorluq müdafiə etmək üçün oxumalıdır. Bu ziddiyyəti aradan qaldırmaq lazımdır. Burada bir istisna da var. Tutaq ki, uşaq 6 yaşında məktəbə getməlidir, amma valideyn istəsə, onu daha tez məktəbə qoya bilər. 6 yaşdan da tez uşağı məktəbə qoyarlar? Milyonda bir uşaq vunderkind ola bilər ki, o da özünü başqa sahələrdə göstərəcək. Onları yükləmək lazım deyil. Sabah hamı uşağını gətirəcək ki, onu məktəbə tez qəbul elə.
Təhsilin bələdiyyə, dövlət, özəl bölgüsü lazımdır. Mən çox təəssüf edirəm ki, Azərbaycanda özəl orta məktəblərə meyil çox azdır. Bunu artırmaq lazımdır. Tələbə qəbulunda sərbəst seçim gedir. Onsuz da sərbəst seçim var, tələbə ixtisasını sərbəst seçir, imtahan verir. Onun yerləşdirilməsi ilə müvafiq icra hakimiyyəti məşğul olmalıdır. Əks təqdirdə universitetlər qəbul elədiyimizi həzm eləyə biləcəkmi? Anarxiya yarana bilər. Test imtahanları qalmalıdır, çünki özünü doğruldur. Mən hesab edirəm ki, ona toxunmaq lazım deyil. Başqa məsələləri düzəltmək lazımdır. Bunları qeyd eləmək istəyirəm. Xahiş edirəm, komissiya ikinci dəfə bunu təqdim eləyəndə təklifləri nəzərə alsın. Qanunu bu formada düzəlişlər etməklə qəbul eləmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asəf Hacıyev, buyurun.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Öncə söyləmək istəyirəm ki, Səttar müəllimi təcili olaraq çağırdılar. Ona görə də xahiş edirəm, mənim vaxtım çatmasa, onun vaxtından istifadə eləməyə imkan yaradasınız.
Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən hesab edirəm ki, əgər biz zamanın tələblərinə cavab verən bir qanun qəbul eləmək istəyiriksə, – özü də söhbət çərçivə qanundan gedir, – öncə model bir sistem qurulmalıdır və bu sistemdə hər mərhələnin yeri göstərilməlidir. Bu mərhələlər arasında əlaqələr necə olacaq? Onda bizim qanunumuz müasir tələblərə cavab verəcək, eyni zamanda, işlək olacaq. Orta məktəblərdən başlayıram. “İcbari təhsil + iki il” modeli haqqında bəzi fikirləri söyləmək istəyirəm. Məncə, bütün dünyada “icbari təhsil+iki il” modeli mövcuddur. Bunun müsbət cəhətləri nədən ibarətdir? Birincisi, “icbari təhsil + iki” dediyiniz modeli vermir, sadəcə, ali məktəbə hazırlıq kurslarıdır və onu qurtaranda sənəd verilir ki, bəli, siz həmin kursları qurtardınız. Digər tərəfdən dünya təcrübəsi göstərir ki, həmin kurslarda verilmiş imtahanların bəziləri ali məktəbdə qəbul olunur və tələbələr həmin imtahanlardan azad olunurlar. Digər tərəfdən bu gün cəmiyyətimizdə repetitorluq var. Demirəm ki, yeni sistem onu tam ləğv eləyəcək, amma qismən aradan qaldıracaq. Ona görə də vacibdir ki, bizim təhsil sistemimizdə “icbari təhsil + iki il” mövcud olsun.
Bundan sonra peşə-ixtisas məktəblərinə keçirik. Bəli, mən də onun əleyhinəyəm ki, kimsə peşə-ixtisas məktəbini “əla” qiymətlərlə qurtarıb, ali məktəbə imtahansız qəbul olunsun. Gəlin, dünya təcrübəsinə baxaq. Doğrudan da, nailiyyətlər yüksək olubsa, ali məktəbə daxil olduqdan sonra bəzi peşə məktəblərində verilmiş imtahanlar ali məktəb tərəfindən qəbul oluna bilər. Bəli, biz buna gedə bilərik. Amma mən hesab edirəm ki, imtahansız, özü də ali məktəbin ikinci kursuna qəbul eləmək mümkün deyil.
İndi qəbul komissiyasına keçək. Burada müxtəlif fikirlər səsləndi. Sadəcə, açıqlıq gətirmək istəyirəm, yəni mən bu məsələni necə görürəm. Uşaq məktəbi qurtarır və məktəbi qurtaranda elə bilir ki, o, yüksək biliklərə malikdir, yəni öz biliklərini hələ qiymətləndirə bilmir. Ona görə də bütün dünyada olduğu kimi, hər kəs hansı qrupda – texniki, yaxud humanitar qrupda imtahan verəcəyini müəyyənləşdirir. Bundan sonra abituriyentlərin qiymətləri “Abituriyent” jurnalında çap olunur və göstərilir ki, neçə bal alıb. Bununla da şagirdin qəbul komissiyası ilə işi qurtarır.
Bundan sonra abituriyent ali məktəbə müraciət eləyir və ali məktəbdə nə rektor, nə müəllim, ümumiyyətlə, heç kəs bu prosesə müdaxilə eləyə bilməz. Bunu bir qurğu, bir avadanlıq həll eləyir. İnternet vasitəsilə müraciət edəcək, “hə” və ya “yox” cavabı veriləcək. Bilirsiniz, bütün dünya bu mərhələdən keçib, çünki təhsilin əsas prinsipi sərbəstlikdir. Biz həmin tələbəyə onun balına uyğun seçim imkanını verməliyik. Ondan sonra yeniyetmə başa düşəcək ki, əldə elədiyi balla hara gedə bilər. Abituriyent bir neçə ali məktəbi seçə bilər. Ola bilsin, onu bir neçə ali məktəb qəbul eləsin. Bundan sonra yeniyetməyə iki həftə imkan verilir və iki həftə ərzində seçim etməlidir. Bu, dünyanın keçdiyi yoldur, biz də bu yolu keçməliyik.
İndi ali məktəblərə keçirəm. Şəmsəddin müəllim çıxışında gözəl izah elədi ki, bakalavriat ali təhsildir. Amma qanunda elə yazılmayıb. Ona görə də biz çox aydın və açıq şəkildə yazmalıyıq ki, bakalavriat ali təhsildir. Magistratura haqqında da bir neçə söz demək istəyirəm. Gəlin, magistrin tarixinə baxaq. Bu, təxminən XVI-XVII əsrlərdə İngiltərədə yaranıb. Onun kökündə nə durub? Magistratura ona görə yaradılıb ki, onu qurtarana ali məktəbdə dərs vermək imkanı verilsin. Magistraturanı qurtaran ali məktəbdə dərs deyə bilər. Digər tərəfdən bu, doktorluğa hazırlıq pilləsidir. Magistratura nə elmi dərəcədir, nə də ali təhsildir, çünki ali təhsil bakalavriatla bitir. Bu bir körpüdür. İndi doktorantura haqqında.
Sədrlik edən. Asəf müəllim, doktoranturaya çatmadınız. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm. Mən əvvəlcədən çıxışlara 10 dəqiqə vaxt ayrılmasına etirazımı bildirirəm. Sabah “Yeni Müsavat” qəzetinin redaksiyasında maraqlanan jurnalistlər üçün brifinq verəcəyik və Dəyirmi masa keçirəcəyik.
Hörmətli millət vəkilləri, mən məsələnin konseptual tərəfi barədə danışmaq istəyirəm. Çıxışlardan sonra məndə belə bir təəssürat yarandı ki, çıxış eləyənlərin əksəriyyəti 1992-ci ildə qəbul olunan “Təhsil haqqında” Qanunu oxumayıb. Mən qətiyyətlə iddia edirəm və bunun üçün istənilən diskussiyaya girməyə hazıram ki, indiki qanun layihəsində 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” Qanunda olmayan keyfiyyətcə yeni və mütərəqqi heç bir şey yoxdur. İkincisi, bunun ardınca başqa bir məsələyə toxunmaq istəyirəm. 1992-ci ildə qəbul olunan “Təhsil haqqında” Qanunda təsbit edilən təhsilin inkişafı, təhsilin ən mühüm tərkib hissələrindən biri olan təhsil işçilərinin vəziyyətinin yaxşılaşdırılması, digər mütərəqqi məsələlər həmin qanun layihəsindən götürülmüşdür. Mən iddia edirəm ki, 10 ildən bəri müzakirə olunan Təhsil haqqında qanunun indi qəbul olunmasına ona görə icazə verilmişdir ki, artıq köhnə qanunun tələblərinə görə indiki şəraitdə təxminən 700–800 milyon manat əlavə xərc tələb olunur və həmin vəsaiti verməmək üçün indiki Təhsil haqqında qanunun qəbul olunmasına icazə verilmişdir.
Hörmətli millət vəkilləri, sübut üçün həmin Qanunun 50-ci maddəsinin birinci bəndini oxuyuram: “Təlim-tərbiyə müəssisəsi işçilərinin əmək haqqı, vəzifə maaşı Azərbaycan Respublikası üzrə orta əmək haqqından yuxarı səviyyədə müəyyən olunur”. Bu isə hazırda artıq 300 manata yaxınlaşmışdır, 2010-cu ildə isə 483 manata yaxınlaşacaqdır. Bunun nə qədər maliyyə vəsaiti tələb eləməsi aydındır.
İkincisi, həmin qanunda 1993-cü ildən başlayaraq tədricən təhsil işçilərinin əmək haqqının qabaqcıl dünya ölkələrində mövcud əmək haqqı səviyyəsinə qaldırılması tələbi qoyulmuşdur. İndi ortada müəyyən maliyyə vəsaiti var. Artıq dövlətin indi maliyyə vəsaiti yoxdur deməyə, bundan imtina etməyə əsası yoxdur. Ona görə də həmin qanundan bu tələb çıxarılır.
Üçüncüsü, universitetlərin müstəqilliyi haqqında 1992-ci il qanununda mövcud olan bütün mütərəqqi müddəalar, normalar, qaydalar qanun layihəsindən çıxarılmışdır. Bunlar nədən ibarətdir? Müstəqilliyin əsas göstəricisi vəzifələrin seçkili olması idi. İndi mövcud olan Qanunun 37-ci maddəsində yazılır ki, rektorlar və digər vəzifəli şəxslər 5 il müddətinə secilir və iki dəfədən artıq seçilə bilməz. Ümumiyyətlə, ali təhsil müəssisələrinin idarəçilik anlayışı qanun layihəsindən çıxarılmış və muxtariyyət anlayışı ilə əvəz edilmişdir ki, bu da faktiki olaraq heç bir mənanı ifadə eləmir.
Bir daha təkrar edirəm, burada bəzi deputatların çıxışlarına, o cümlədən Fəzail bəyin çıxışına qulaq asdım və təəccübləndim. Köhnə qanunda körpələr evindən başlayaraq məktəbəqədər tərbiyə məsələsi qoyulur. Yəni körpə anadan olduqdan sonra ilk aylardan başlayaraq təlim-tərbiyə məsələsi qoyulur. İndi məhsullaşdırılıb, 3 il qoyulur. Köhnə, daha doğrusu, mövcud olan qanunvericilikdə dövlət 11 il təhsil məsələsinin maliyyə xərclərini öz üzərinə götürmüşdür. İndi isə bu müddət 9 ilə endirilir. Yəni buna uyğun olaraq lazım olan maddi xərclər də məhdudlaşdırılır. Mən təxminən 200 mindən artıq təhsil işçisinə dərin hüznlə başsağlığı verirəm, çünki onlar bu qanundan çox şey gözləyirdilər. Bu qanunda onların vəzifə maaşlarının və maddi təminatlarının artırılması barədə konkret icra xarakterli müddəaların olmasını güman edirdilər. Bir daha təkrar edirəm, hörmətli təhsil işçiləri, hörmətli 100 minlik müəllimlər, yeri gəlmişkən, qanun layihəsində əsas fundamental anlayışlar olan şagird, tələbə və müəllim anlayışı belə yoxdur.
Nəhayət, yenə qayıdıram əsas məsələyə. Hörmətli təhsil işçiləri bilsinlər ki, artıq onların əmək haqlarının və maddi təminatlarının artırılması üçün nəzəri cəhətdən ən azı mümkün olan hüquqi baza da ləğv edilir, aradan qaldırılır və bu qanunun mahiyyəti ondan ibarətdir. Biz bunun ictimai müzakirəsini təşkil edəcəyik və etirazımızı bildirəcəyik. Hesab edirəm ki, bu, indiki korrupsiya rejiminin, korrupsiya siyasətinin Azərbaycan təhsilinə vurduğu ən öldürücü zərbədir.
Sədrlik edən. Pənah bəy, görürəm, 1992-ci ildə qəbul elədiyiniz qanunu elə tərif edirsən ki, adamın xoşu gəlir. Amma indiki qanun layihəsini də axıra qədər oxumamısınız və ona görə də alovlu danışırsınız. Elmira xanım, buyurun.
E. Axundova. Əvvəla, mən Pənah müəllimlə razı deyiləm, çünki layihədə maddi həvəsləndirmə, sosial müdafiə məsələləri çox güclü yazılıb. Demək istəyirəm ki, bu qanun layihəsi mənim çox xoşuma gəlir. İkinci oxunuşda mən danışacağam və mütləq səs verəcəyəm.
Sadəcə, mənim Şəmsəddin müəllimə iki-üç sualım var. Qanunun hazırlanması zamanı konkret hansı məsələ ən çox mübahisə doğurub? İkincisi, qanun layihəsinin bir neçə maddəsində təhsilin fasiləsizliyindən danışılır. Belə olan halda bakalavriatı bitirib magistraturaya, sonra isə doktoranturaya girmək istəyən abituriyentlərə hərbi çağırışdan möhlət hüququ veriləcək, ya yox?
Üçüncüsü, məni ən çox maraqlandıran məsələ – 7-ci maddədə təlim dilinin Azərbaycan dili olması, digər dillərdə isə tədris prosesinin xüsusi hallarda aparılması təsbit olunur. Mən bunu çox təqdirəlayiq sayıram. Bununla əlaqədar Misir müəllimə sual verirəm, sayı 100-dən çox olan rusdilli məktəbləri tədricən Azərbaycandilliyə çevirmək və rus dilində dərs deyən çoxsaylı müəllim ordusu üçün Azərbaycan dilində təkmilləşdirmə kurslarının təşkilinə və sair bu kimi tədbirlərə nə vaxt başlanacaq və neçənci ildə başa çatacaq? Yəni neçənci ildə bütün respublika məktəbləri dövlət dilinə keçəcəklər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də bir neçə məsələ ilə əlaqədar münasibətimi bildirmək istəyirəm. Əvvəla, təəssüflə qeyd eləmək istəyirəm ki, bizim bəzi deputat həmkarlarımız qanun layihəsini axıracan oxumayıblar. Burada şagirdlə, tələbə ilə bağlı kifayət qədər müddəalar var. Əlavə olaraq qeyd eləmək istəyirəm ki, ibtidai təhsil haqqında, orta ümumtəhsil haqqında, ali təhsil haqqında ayrıca qanunlar olacaq, detallar, mexanizmlər orada xırdalanacaq. Bu, çərçivə qanundur və ümumi prinsipləri müəyyən eləyir. Ona görə də xahiş edirəm, bu məsələni nəzərə alasınız.
Azərbaycanda təhsilin konsepsiyası məlumdur və mən bu məsələ üzərində geniş dayanmaq istəmirəm. Ümummilli liderimiz vaxtilə öz fərmanı ilə Azərbaycanın təhsil konsepsiyasını müəyyən eləyib və həmin konsepsiyanın prinsipləri qanun layihəsində nəzərə alınıb.
Burada bir neçə millət vəkili Konstitusiyanın 42-ci maddəsi ilə orta ümumtəhsil hüququnun ziddiyyət təşkil etməsi barədə məsələ qaldırdı. Hörmətli həmkarlar, mən hesab edirəm ki, burada heç bir ziddiyyətdən söhbət gedə bilməz. Konstitusiyanın 42-ci maddəsində göstərilir ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Amma göstərilmir ki, icbari ümumi orta təhsil neçə ildir. Onu biz sizinlə bu qanunda müəyyən edəcəyik. Bu 8 il də, 9 il də ola bilər, 10 il də ola bilər, 11 il də. Hər halda müzakirələrdən sonra biz sizinlə bu məsələdə razılığa gəlməliyik. Layihədə 9 il göstərilib, artıq 8 illik tam orta təhsildən də söhbət gedir. Bu, məsələnin birinci tərəfidir.
Burada çox haqlı olaraq bir məsələ də qaldırıldı. Şagird ümumi təhsili bitirir, lakin o, tam orta təhsil almasa, ali məktəbə daxil ola bilməyəcək. Yaxud şagird 9-cu sinfi qurtardı, orta təhsili oldu, bəs qalan iki il müddətində onlar nə etməlidirlər. Axı, doğrudan da, orta ümumi təhsil alanların hamısı ali məktəbə getməyəcək ki.
Ümumiyyətlə, ali məktəb haqqında mən öz fikrimi də deyim. Ümumiyyətlə, mən şagirdlərin ali təhsilə köklənməsinin tərəfdarı deyiləm. Bu, tamamilə sovet psixologiyasıdır. Hamının ali təhsil almasına ehtiyac da yoxdur. Mən hesab edirəm ki, ölkədə peşə-ixtisas təhsilinə xüsusi fikir vermək lazımdır. İndi sual verə bilərsiniz ki, ölkədə hələ peşə-ixtisas təhsili istədiyimiz səviyyədə deyil. Hesab edirəm ki, bununla əlaqədar layihədə biz keçid müddəası yaza bilərik. Qanun qəbul edildikdən sonra 3-4 il ərzində ölkədə peşə-ixtisasına kifayət qədər şərait yaradılmalıdır. Təbii ki, biz sizinlə razılığa gələ bilərik ki, bu sistem işə düşsün. Yəni ölkədə peşə hazırlıq təhsili var və 9-cu sinfi bitirənlər artıq işsizlər ordusuna çevrilməyəcək. Onlar dülgər ixtisasını da, çilingər ixtisasını da seçə bilərlər. Avropada, xüsusi ilə Almaniyada çox geniş tətbiq olunan bir sistemdir. Hesab edirəm, bizdə də bu məsələ öz həllini tapmalıdır.
Hörmətli həmkarım qeyd elədi ki, Əmək Məcəlləsinə görə guya onlar işsiz qalacaqlar. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, bizim Əmək Məcəlləsinə görə hər bir Azərbaycan vətəndaşı 15 yaşından Əmək Məcəlləsinin subyekti ola bilər. Burada da problem yoxdur.
Nəhayət, ali təhsilin pillələri haqqında məsələ ilə bağlı vaxtınızı çox almaq istəmirəm. Mən özüm də ali məktəb müəllimiyəm. Bu gün ali məktəbdə bakalavriat, magistratura və doktorantura kimi təhsil pillələri var. Mənim əsas işim doktorantura ilə bağlı olacaq. Açığı, mən bu fikri tuta bilmirəm. Əgər tələbə bakalavriatı bitirirsə, magistraturanı bitirirsə, sonradan doktoranturanın bölünməsinin nə mənası var? Boloniya prosesinə daxil olan ölkələrin tam əksəriyyətində bir pillədir. Gəlin, aspirantlara qarşı olan tələbi magistrin qarşısında qoyaq. İndi ixtisaslaşmış Elmi Şuranın qarşısında aspirantlar necə müdafiə edir? Həmin tələbləri qoyaq və magistraturanı qurtaran tələbə bir dəfə müdafiə eləsin, elmlər doktoru adını alsın. Bu tələbəni, bu insanı üzməyin nə mənası var? Elmlər doktoru ol, sonra professor adını al. Bu da insandır, onun da ömrü gedir. Mən o fikirlə razıyam ki, doktorluq elmi dərəcəsini müdafiə eləyəndən sonra professor pilləsinə ağır şərtlər qoyulsun. Hər adama professor dərəcəsi vermək olmaz, çünki bu çox müqəddəs addır.
Amma yenə deyirəm, elmlər doktorunun iki yerə ayrılması ilə mən şəxsən razı deyiləm. Bu mənim şəxsi qənaətimdir və hesab edirəm ki, bir çox deputat həmkarım mənim fikrimi bölüşər. Açığı, mən humanitar sahənin nümayəndəsiyəm və hüquq sahəsini götürə bilərəm, amma bilmirəm fizikada, riyaziyyatda və ya digər elmlərdə vəziyyət necədir.
Bəlkə də bölgü aparmaq olar. Əgər magistr hüququn hər hansı bir sahəsində, istər konstitusiya hüququ olsun, istərsə də cinayət hüququ olsun, fərqi yoxdur, müdafiə edirsə, əvvəlcə fəlsəfə doktoru, sonra elmlər doktoru adını alır. Tam səmimiyyətlə sizə deyirəm, hüquq sahəsində bunun heç bir səmərəsi yoxdur. Başqa elm sahələrinin adından danışa bilmirəm, çünki səhv edə bilərəm. Qoy müdafiə bir dəfə olsun. Vəssalam. Əlbəttə, hüquq elmləri doktoru olandan sonra professor adı almaqdan ötrü onun çoxlu elmi kitabları, monoqrafiyası, dərsliyi, dərs vəsaiti olmalıdır və sair. Ona görə də hesab edirəm ki, bu məsələ qanunda bu cür qoyulsa, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə, buyurun.
A. Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bu gün biz Azərbaycan Respublikası və xalqı üçün taleyüklü qanun layihəsini müzakirə edirik. Azərbaycanlılar digər türk və islam dünyası ölkələri arasında əsrin əvvəlində neftin hesabına təhsildə əldə etdiyi uğurlara görə liderlik məfkurəsini yarada biliblər. Azərbaycanın liderliyini qorumaq istəyiriksə, yenidən neft və qazın gəlirlərini məhz insan amillərinə yatırtmaq istəyiriksə, təhsilə tamamilə fərqli diqqət yetirməliyik. Mən bizim komissiyanı təbrik edirəm ki, çətinliklərə baxmayaraq, qanun layihəsi birinci oxunuşda sizin diqqətinizə çatdırıldı.
Cəmiyyətdə sovet ətalətindən çıxmaq üçün böyük çətinliklərlə, ciddi müqavimətlə rastlaşırıq. Müasir sistemi qavramaq üçün biz hələ çox işləməliyik və təhsil sisteminin dərin islahatlara böyük ehtiyacı var. Nəhayət, bu gün biz çərçivə qanunu ilin yekun günlərində müzakirə edirik və düşünürəm ki, bu özlüyündə böyük, cəsarətli bir addımdır. Qanunun qəbulu Azərbaycanın strateji yolu ilə bağlıdır. Azərbaycan Avroatlantik sivilizasiyasına inteqrasiya olmaq istəyirsə, onun müasir təhsil sistemi olmalıdır və ilk növbədə, qısa müddətdə cəmiyyətdə müvafiq mütəxəssis təbəqəsini yaratmağa çalışmalıyıq.
Düşünürəm ki, layihədə bir məqam diqqəti cəlb etməlidir. O da dövlətin təhsili nə səviyyədə və hansı imkanlarla maliyyələşdirmək imkanları ilə bağlıdır. Azərbaycan dövləti bugünkü vəziyyətə uyğun olaraq hər bir şagirdə, hər tələbəyə nə qədər vəsait ayıra bilər. Bu məsələ qanunda müəyyən formada öz əksini tapmalıdır. Dəfələrlə bizim hörmətli nazirimiz də belə təkliflərlə çıxış edib. Orta təhsil də müəyyən formada olmalıdır. Düşünürəm ki, ali təhsildə universitetlərə çox ciddi maliyyə azadlıqları verməliyik. Yəni dövlətin sifarişi konkret maliyyə təsdiqini tapandan sonra əlavə öz vəsaiti hesabına ali təhsil almaq istəyən tələbələrə geniş imkan yaradılmalıdır. Bu, universitetlərin müəyyən qədər rəqabət gücünün artırılmasına gətirib çıxara bilər. Eyni zamanda, universitetlərə mənfəət qazanmaq imkanları verə bilər.
Biz bir şeyi düzgün anlamalıyıq ki, universitetləri təhsilin və inkişafın əsas ocağına çevirə bilsək, deməli, bu sahəyə elmi də cəlb etməliyik. Azərbaycanda elm sistemi sovet sistemindən bizə miras qalmış bir institutdur, gələcəkdə bunu müzakirə edəcəyik. Məhz universitetlərə elmi cəlb etmək üçün, təhsil prosesində elmi inkişaf etdirmək üçün və təhsil səviyyəsini artırmaq üçün universitetlərə müstəqillik verməliyik.
Cəmiyyətdə Boloniya sisteminin qəbuluna müqavimət var. Düşünürəm ki, bu, mühafizəkar təfəkkürdən irəli gələn və bəlkə də bəzi xoşagəlməz amillərdən irəli gələn müqavimətdir. Kredit sistemi nədən ibarətdir? Bu sistemdə hansısa tələbənin qarşısında yeni maneələr yaradılmamalıdır. Mən düşünürəm ki, Boloniya sistemi ilə bağlı olan məqamları biz bilavasitə layihəyə daxil etməliyik.
Qanunda bizi qane etməyən məsələ ondan ibarətdir ki, tələbə qəbulunda test sistemi özünü doğruldub. Test sistemindən yan keçərək, yəni peşə məktəblərinin əlaçılarına, olimpiada qaliblərinə universitetlərə imtahansız daxil olmaq imkanı vermək olmaz. Düşünürəm ki, hamıya ümumi dəyərlər və meyarlar əsasında ali təhsil almaq imkanı verilməlidir. Düşünürəm ki, bu cür təkliflər düzgün deyil. Doktorluq sisteminin iki pillədən ibarət olması sovet sistemindən qalma bir güzəştdir.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Azay Quliyev, buyurun.
A. Quliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Əlbəttə, uzun müddət ictimaiyyətdə müzakirə predmeti olan və nəhayət, bu gün deputatların müzakirəsinə təqdim olunan təhsil haqqında qanun layihəsinin müzakirəsində müxtəlif fikirlərin səslənməsi təbiidir. Burada müəyyən tənqidi fikirlər səsləndi. Mənə belə gəlir ki, burada da müəyyən hədd olmalıdır. Ancaq mənim şəxsi düşüncəm ondan ibarətdir ki, bizim bu gün müzakirəmizə təqdim olunmuş layihə, həqiqətən də, əvvəlki layihələrə nisbətən çox mükəmməldir. Ona görə ki, biz onu təxminən bu ilin əvvəllərində həm qeyri-hökumət təşkilatları ilə, həm də ayrı-ayrılıqda deputat həmkarlarımızla müzakirə etmişik və indiki variantı keçmiş variant ilə müqayisə edəndə açıq-aşkar hiss olunur ki, xeyli işlər görülüb, xeyli dəyişiklik edilibdir. Təbii ki, bunları ən azı ədalət naminə qeyd etmək lazımdır.
Bir halda ki, biz məsələlərə konseptual baxımdan yanaşırıq, nəzərə almalıyıq ki, burada səslənən fikirlərin böyük bir qismi kifayət qədər əsaslandırılmış fikirlərdir. Bu fikirlərin əleyhinə çıxış edən insanların arqumentləri də tutarlıdır və adam çətinlik çəkir ki, hansı versiyanı, hansı arqumenti sanballı hesab etsin, hansı təklifə dəstək versin.
Bir neçə misal çəkmək istəyirəm. Bu gün icbari təhsil müddətinin 9 il, yaxud 11 il olması ciddi müzakirə edildi. Səhv etmirəmsə, bizim hörmətli nazirimiz Misir müəllim də bununla bağlı fikrini bildirdi və çox ciddi arqument irəli sürüldü ki, bu gün 250 min nəfər şagird qanunun həmin maddəsinin təsiri altına düşə bilər. Onların taleyi necə ola bilər? Yaxud Şəmsəddin müəllimin arqumenti bundan ibarətdir ki, artıq biz imkan yaratmalıyıq, orta icbari təhsili başa vurandan sonra seçim etsinlər, müəyyən təmayüllü məktəblərə getsinlər, peşə, ixtisas sahibi olsunlar. Təbii ki, hər iki arqument ağlabatandır.
Ziyafət müəllim, çox yaxşı ki, bu gün Siz çıxış etdiniz. Hesab edirəm ki, hər iki arqumentin, Siz dediyiniz kimi, güzəştli variantı ola bilər. Yəni müəyyən 3-4 il müddətinə keçid müddəalarını müəyyənləşdirə bilərik və insanlar həm psixoloji baxımdan, həm də infrastruktur baxımından uyğunlaşar. Bilirsinizmi, Azərbaycanda pilot təcrübəsi var və pilot layihələrə də getmək olar, belə məktəbləri də bu işə cəlb etmək olar.
Müzakirəyə səbəb olan ikinci məsələ olimpiadalarda, yarışlarda əla göstəricilərlə çıxış edənlərin birbaşa, müsabiqəsiz ali məktəblərə daxil olması məsələsidir. Məsələn, mənim üçün bəlli deyil, fizikadan, kimyadan qızıl medal qazananlar digər fənlərdən imtahan vermədən avtomatik olaraq necə ikinci, beşinci qruplara keçə bilər, ali məktəblərə daxil ola bilərlər? Yenə deyirəm, burada da mübahisələr var, müəyyən mənada bunları da müzakirə etməliyik.
Digər məsələ. Bu gün bizi narahat edən problemlərdən biri də odur ki, təhsildə ikili tabeçilik var. Təhsil işçiləri həm icra hakimiyyəti orqanlarına, həm də Təhsil Nazirliyinə tabedirlər. Mən hesab edirəm ki, ikili tabeçiliyə son qoymaq lazımdır. Ölkədə təhsil siyasətinə, təhsil məsuliyyətinə Təhsil Nazirliyi cavabdeh olmalıdır. Ona görə də ikili hakimiyyət, belə desək, aradan qaldırılmalı, bütün səlahiyyətlər Təhsil Nazirliyinə verilməlidir.
Mən 11-ci maddənin 1.8-ci bəndi barədə danışmaq istəmirəm, çünki bu barədə çox deyildi. Digər vacib məsələlərdən biri də ondan ibarətdir ki, bu gün biz təhsilin səviyyəsini qaldırmaq üçün valideyn şuralarının inkanlarını genişləndirməliyik. Amma layihədə valideyn şuraları haqqında çox ötəri məlumat var. Məncə, valideyn şuralarının həm səlahiyyətləri, həm də statusu və rolu artırılmalıdır.
Növbəti məsələ lisenziyalarla bağlıdır. Bu gün cəmiyyətdə belə bir fikir var ki, lisenziyanı verən mərkəzi icra hakimiyyəti orqanı daha çox maraqların münaqişə hədəfinə çevrilə bilər. Ona görə də burada elə bir ortaq məxrəcə gələ bilək ki, məhz bu maraqların ziddiyyəti doğru-dürüst həll olunsun.
Nəhayət, Təhsil fondu haqqında bir neçə kəlmə demək istəyirəm. Belə bir müddəa var ki, Təhsil fondu haqqında xüsusi əsasnamə qəbul olunacaq. Mənə belə gəlir ki, Təhsil fondu haqqında ayrıca bir qanunun qəbul olunmasına ehtiyac var. Bu kimi taleyüklü məsələ qanunla təsbit olunsa, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar, cənablar, hörmətli dəvətlilər! Bu gün Məclisin həyatında çox əlamətdar bir hadisədir ki, 10 il müddətində hazırlanmış və bir neçə dəfə müzakirəyə çıxarılmağa cəhd olunmuş Təhsil haqqında qanun layihəsi nəhayət, müzakirəyə çıxarılır. Eyni zamanda, Təhsil haqqında qanundan danışanda bir məqamı xüsusi qeyd etdik ki, hər hansı bir ölkənin təhsil modelinin başqa bir ölkəyə yüz faiz tətbiq edilməsi qeyri-mümkündür. Əgər kimsə cəhd edirsə, bu çox riskli hadisədir.
1992-ci ilin 7 oktyabrında qəbul olunmuş qanunla bu gün müzakirə etdiyimiz qanun layihəsinin müqayisəli təhlilini aparanda görürük ki, bu gün müzakirə etdiyimiz qanun 1992-ci ildə qəbul olunmuş qanunun tənqidi təhlilinə əsaslanır və orada olan çox ciddi, vacib, mühüm, müsbət məqamların çoxu bir qədər dəyişilmiş formada bu qanun layihəsində öz əksini tapıb. Ya da eyni cəhətdən tapıb. Eyni zamanda, əgər Boloniya prosesinə qoşulmuşuqsa, hesab edirəm ki, yeni qanunda Boloniya prosesinin tələbləri ilə bağlı bir sıra yenilikləri müsbət qiymətləndirmək olar. Bu qanunu vaxtında qəbul etmək lazımdır ki, bundan sonra qəbul ediləcək digər qanunlara yol açsın. Belə ki, Boloniya prosesi bir qanunun yox, bir neçə qanunun, o cümlədən ali təhsil üçün xüsusi qanunun, orta təhsil üçün xüsusi qanunun qəbul olunmasını tələb edir və nəticədə təhsillə bağlı çox mükəmməl bir qanunvericilik bazasının yaradılmasına imkan yaradır.
İndi də qanun layihəsi ilə bağlı bəzi məqamları qeyd etmək istərdim. İlk növbədə qeyd etmək lazımdır ki, qanun layihəsi kifayət qədər səlist hazırlanıb və bunu qiymətləndirmək lazımdır. O, digər qanunların ümumi bazasını, konseptual əsaslarını normal şəkildə özündə əks etdirib, amma mübahisə xarakterli məqamlar da var. Əgər biz Boloniya prosesinə qoşuluruqsa, mütləq bunları nəzərə almaq lazımdır. Bu da ondan ibarətdir ki, qanun layihəsində nəzərdə tutulan maddələrin reallaşması Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına, təhsil sistemində, hamıya məlum olan neqativ halların aradan qaldırılmasına, həmçinin dünyanın mütərəqqi təhsil məkanına inteqrasiya prosesinə necə təsir göstərəcək? Məncə, bu sualların cavabı qanun layihəsinin məzmununda kifayət qədər öz əksini tapıb.
Bununla yanaşı, bəzi ziddiyyətli məqamları da aradan qaldırmağa ehtiyac var. Həmin ziddiyyətli məqamlar təhsilin iqtisadiyyatı ilə bağlıdır. Qanunun yaradıcıları təhsili sahibkarlığın bir növü kimi qəbul edir, ya yox? Hesab edirəm ki, bu sual layihədə dağınıq formada qoyulub. Əgər dövlət təhsil müəssisəsindən söhbət gedirsə, bu, məsələnin bir tərəfidir; əgər özəl təhsildən söhbət gedirsə, təhsilə investisiya cəlb edilməsini istəyiriksə, deməli, bu, sahibkarlığın bir növü olmalıdır və sahibkarlıq subyektinə aid olan bütün tələblər, bütün prinsiplər burada da öz əksini tapmalıdır.
Ziddiyyət təşkil edən bir məqamı da qeyd etmək istərdim. Peşə məktəbində yaxşı oxuyan tələbələr ali məktəbə daxil olanda üstünlük qazanır. Amma öz təhsilini bilavasitə 11-ci sinfə qədər davam etdirən qızıl medal alan şagird heç bir üstünlüyə malik ola bilmir. Bu nə deməkdir? Deməli, kənardan gələn böyük üstünlüyə malik olacaq. Hesab edirəm ki, bu uyğunsuzluğu mütləq aradan qaldırmağa ehtiyac var.
Boloniya prinsipi ilə təhsilini quran ölkələrin təhsil sistemi ilə bağlı bəzi məqamları deyirəm. Məsələn, inkişaf etmiş ölkələrdə təhsil işçilərinin əmək haqları 3 min 600 dollardan 5 min 800 dollara qədərdir, Azərbaycanda isə 140 dollardır. Əgər biz təhsilimizi Boloniya sisteminə uyğunlaşdırmaq istəyiriksə, təhsil müəssisəsinin təkmilləşməsinə müəllimdən başlamalıyıq. Mən deyərdim ki, təhsillə bağlı hər hansı bir islahatı, ideyanı müəllim qəbul etməsə, onun reallaşması mümkün deyil. Ona görə də hesab edirəm ki, dərin islahatlarla yanaşı, müəllimlərin də maaşlarının qaldırılması istiqamətində ciddi addımların atılması vacibdir.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Biz müzakirələri ona görə aparırıq ki, həmin ziddiyyətli məqamları ortaya çıxaraq. Konseptual cəhətdən qanun layihəsi ikinci oxunuşa daha mükəmməl hazırlansın. Mən hesab edirəm ki, Şəmsəddin müəllim Sizin suallara cavab verə bilər. Layihədə sahibkarlıq hüququ da əksini tapıb. Yevda Abramov, buyurun.
Y. Abramov. Təşəkkür edirəm, cənab Sədr. Bu qədər millət vəkilinin belə bir gözəl qanun layihəsi barədə fikrini bildirməsi üçün yazılması təbii bir haldır, Oqtay müəllim. Çünki burada deputat həmkarlarımın əksəriyyəti bilavasitə və ya bilvasitə müəllimlik peşəsi ilə əlaqəsi olan insanlardır.
Ümumiyyətlə, təhsil hər bir millətin gələcəyidir. Bu baxımdan qəbul edəcəyimiz qanun Azərbaycan xalqının gələcək həyatına mühüm təsir göstərəcəkdir. Mən, ümumiyyətlə, bu qanunun fəlsəfəsindən danışmaq fikrində deyiləm. Qanunda kifayət qədər müsbət məqamlar var. Mən bütün bu müsbət məqamlar üçün, belə gözəl bir qanunun ərsəyə gəlməsi üçün birinci növbədə möhtərəm Prezidentə minnətdaram. Bu qanunun ərsəyə gəlməsi üçün məhz onun iradəsilə lazım olan bütün mexanizmlər hərəkətə gətirilib və bu gün qanun müzakirəyə verilib.
Bu qanunda məni ən çox düşündürən orta məktəb direktorlarına olan münasibətdir. Oqtay müəllim, mən 40 illik əmək fəaliyyətimin 26 ilini müəllimliyə, məktəb rəhbərliyinə sərf etmişəm. Hökumətdən də razıyam, əməyim də lazımınca qiymətləndirilib. Amma bu gün mən, təəssüf ki, görkəmli rektorların, hörmətli müəllimlərin bu qanuna münasibətini eşitmədim. Bizim deputatlar isə bu qanuna lazımi münasibət göstərə bilmədilər.
Biz dedik ki, ölkəmizdə təhsil üçpilləlidir. İkinci, üçüncü pillə birinci pillənin üzərində durur. Ona görə bu qanunda biz əsas fikir və diqqətimizi orta təhsilə verməliyik. Ən böyük bəlalarımız, Oqtay müəllim, buradan başlayır. Düzdür, orada maddələrin birində yazılıb ki, orta məktəb rəhbərlərinin seçilməsində demokratiklik, şəffaflıq gözləniləcək. Amma mən yenə buna inanmıram. Mötərizədə yazılmış pedaqoji şuralar, valideyn komitələri, idarəçilik komitələri, ağsaqqallar şurası formal xarakter daşıyacaq. Nə qədər ki, demokratik seçim olmayacaq, müəllimlərin ən yaxşısının, müəllimlər müəlliminin direktor seçilməsi təmin olunmayacaq, bizim bu qanunumuz işləməyəcək.
İkincisi, təlim və tərbiyə prosesində əsas rolu məktəb müəllimi oynayır. Bunu unutmaq olmaz. Bütün dünyada müəllimə ən yüksək hörmət və ən yüksək diqqət var. Bunu ulu öndərimiz həmişə qeyd edirdi. Müəllim bu gün aldığı maaşla heç vaxt ürəkdən dərs deyə bilməz. Çünki onun qarşısında oturan şagird ən bahalı maşında və ən bahalı kostyumda məktəbə gəlir. Bu müəllimdən nə tələb edə bilərik? Hörmətli Misir müəllim bunu həmişə bəyan edib, həmişə müəllimlərin qeydinə qalan təkliflər verib. Əgər biz təhsil sistemimizin, doğrudan da, dünyəviləşməsini, avropalaşmasını istəyiriksə, müəllimin qeydinə qalmalıyıq.
Nəhayət, hicab məsələsi. Mən yenə deyirəm, əgər biz dünyəvi təhsilə qovuşuruqsa, – heç bir deputat inciməsin, – hicab məsələsi yerində qalmalıdır. Çünki biz...
Sədrlik edən. O haqda fikrimi dedim, bir də təkrarlamayaq. Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən burada səslənən bütün fikirlərə hörmətlə yanaşıram. Hesab edirəm ki, bu fikirlərin hər biri ciddi arqumentlərə söykənir. Çətin məsələ də elə ciddi arqumentlərə söykənən fikirlər içərisindən bizim üçün məqbul olanlarının və qarşımıza qoyulan hədəflərə xidmət edənlərinin seçilib bu qanunda əks etdirilməsidir. Hesab edirəm ki, bu günə qədər Təhsil və elm məsələləri komissiyası, bu komissiyanın yanında fəaliyyət göstərən işçi qrup bu işin birinci mərhələsini başa vurublar. Qanun artıq bizim müzakirəmizdədir. Əlbəttə, qarşıda bir neçə mərhələdə qanunun müzakirəsi gözlənilir. Bu həm ictimai müzakirə, həm də Milli Məclis tərəfindən müzakirə olunacaq. Mən inanıram ki, bu qanuna buradakı fikirləri özündə cəmləşdirən, qanunun həm məzmununu, həm də məqsədini daha aydın şəkildə ifadə etməyə şərait yaradan ciddi dəyişikliklər ediləcək.
Burada təhsil prosesi, onun mərhələləri, qanunda əksini tapmış yeniliklər və bu yeniliklərin həyata keçməsinin nə dərəcədə real olması barədə fikirlər səsləndi. Mən həmkarlarımızdan çox zaman bu pessimist fikirləri eşidirəm ki, biz hansı addımı atsaq da, rüşvətxor rüşvətini alacaq, korrupsioner korrupsiya ilə məşğul olacaq və qanundan kənar fəaliyyət göstərməyə adət etmiş insanlar yol tapıb öz işlərini görəcəklər. Yaxşı, onlar bu əməllərindən əl çəkmirlərsə, biz niyə bu neqativ hallara qarşı mübarizədən əl çəkməliyik, biz niyə inamımızı itirməli və dövrün, zamanın tələbindən irəli gələn ciddi dəyişiklikləri etməməliyik? Məncə, biz bu dəyişikliklərin həyata keçirilməsində ciddi nəzarət mexanizmlərini müəyyənləşdirməli və özümüz onun nəzarətçisinə çevrilməliyik. Ona görə də çox istərdim ki, həmkarlarım bizi çox diqqətlə dinləyən təhsil işçilərinin, Azərbaycan vətəndaşlarının və bu təhsildən öz gələcəklərini gözləyən gənc nəslin belə pessimist fikirlər eşitməsinə şərait yaratmasınlar.
Bu qanun kifayət qədər ciddi müzakirələrdən keçib və Azərbaycandakı mövcud yenilikləri və dünyada gedən prosesləri özündə əks etdirir. Bizim təhsil sistemində kifayət qədər ciddi dəyişikliklər nəzərdə tutulur. Bu, zamanın tələbindən irəli gəlir və bundan qorxmaq, çəkinmək lazım deyil. Geriyə baxmaq yaxşıdır. Amma irəliyə daha çox baxmaq və perspektivlərə işləmək lazımdır.
Burada bir sıra məsələlərlə bağlı fikirlər səsləndi. Mən çox təəccüb elədim ki, həmkarlarımız attestasiya və lisenziya ilə akkreditasiyanı dəyişik saldılar. Halbuki akkreditasiya təhsil müəssisələrinin qeydiyyatına, attestasiya isə təhsil verənlərin səviyyəsinin yoxlanılmasına aid olan məsələdir. Bu kimi səhvlərlə Təhsil haqqında qanunun layihəsinə münasibət bildirmək, hesab edirəm ki, düzgün deyil. Terminlər biz az çətindir, terminləri qavraya bilmirlər. Amma ən azı, Şəmsəddin müəllimdən bunu soruşa bilərdilər.
Burada təhsil işçilərinin, ümumiyyətlə, təhsil sahəsinin maliyyələşdirilməsi ilə, təhsil iqtisadiyyatı ilə, təhsil alanların, təhsil verənlərin sosial durumu ilə bağlı fikirlər səsləndi, müqayisələr aparıldı və bildirildi ki, 1992-ci ildə qəbul olunmuş qanunda bu daha yaxşı əksini tapmışdı. Bilirsiniz, qanunda istənilən ideal fikri ifadə eləmək olar. Amma o ideal fikir real həyatda öz əksini tapmırsa, maddi təminatını tapmırsa, fikir olaraq qalır. Görünür, elə 1992-ci ildə də bu vəzifələr müəyyənləşdirilərkən bu, nəzərə alınmamışdı.
Bu gün Azərbaycanda “müəllim ordusu” deyilən bir ifadə var və “müəllim ordusu”nun bu şəkildə sürətlə və süni şəkildə artırılmasının bir səbəbi də məhz həmin illərdə dərs yükünün 18 saatdan 12 saata endirilməsidir. Hakimiyyətin populizmə söykənən bu populist addımı ziyalı təbəqənin vəziyyətinin yaxşılaşdırılması üçün atılsa da, bu gün onun vəziyyətini həddən artıq gərginləşdirmişdir. Təhsil sahəsində islahatlar ciddi dəyişikliklər tələb edir. Bu dəyişikliklər isə insanların həm sosial vəziyyətinə, həm də həyatın sahələrinə təsir edir. Ona görə təhsillə bağlı hər bir addım diqqətlə götür-qoy edilməlidir.
Düşünürəm ki, biz bu gün düzgün yoldayıq. Qərbə inteqrasiya, Boloniya prosesinə qoşulmaq, bu yenilikləri Azərbaycanın həyatının gündəminə daxil etmək ciddi məsələdir və bu qanun layihəsi bu məqsədlərə xidmət edir və bunu həyata keçirməyə imkan verir. Vəzifəlilərin seçkisi və muxtariyyət statusu ilə bağlı müxtəlif fikirlər səsləndi. Mən hesab edirəm ki, bu məsələlər layihədə öz əksini yaxşı tapıb və müəyyən dəqiqləşdirmələr aparmaqla bunu gələcəkdə həyata keçirə bilərik.
İntəhası, qəbulla bağlı mən də deyilənlərlə razıyam. Hesab edirəm ki, burada müəyyən fərqlər qoymaq olmaz, imtahan verilməlidir. Şəxsən mən orta ixtisas məktəbini “Fərqlənmə diplomu” ilə bitirmişdim və 4 il dalbadal hüquq fakültəsinə imtahan verdim. “5” ala bilmədiyim üçün mən 4 il o imtahanları verməli oldum və yenə də “Fərqlənmə diplomu” mənə kömək etmədi. Ona görə düşünürəm ki, bu kimi üstünlüklərin verilməsi məqsədəuyğun deyil. Hətta bu cür üstünlüklər verilsə də, testdən keçməklə ikinci kursa qəbulu nəzərdə tutmaq olar.
Mən artıq maliyyələşmə və təhsilin iqtisadiyyatı ilə bağlı fikrimi söylədim. Üçüncü və dördüncü fəsildə bu məsələlər öz əksini yaxşı tapır. Burada sahibkarlıq fəaliyyəti ilə də bağlı ayrıca bir maddə var. Oqtay müəllim, bu gün daha çox səsləndirilən fikir təhsil işçilərinin maaşı ilə bağlıdır. Bu çox önəmli məsələdir və hər kəsi narahat edir. Təbii ki, bu, hər kəsdən çox ölkə Prezidentini narahat edir. Mən bunu hansısa minimum əmək haqqına, orta aylıq əmək haqqına bağlamaqla çərçivə qanunda hansısa məhdudiyyətləri qoymağın əleyhinəyəm. Nəzərə alaq ki, qarşıda təhsilin bütün sahələri ilə bağlı ayrıca qanunlar qəbul olunacaq və bu məsələ orada detallaşdırıla bilər. Azərbaycanda bu gün iqtisadi yüksəliş, iqtisadi inkişaf çox sürətlə gedir və bu gün hansısa məhdudiyyət qoymağın özü düzgün deyil. Muxtariyyət statusu alan təhsil müəssisələrinin özünün imkanlarından da təhsil işçilərinin vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etmək lazımdır. Bütün yükü dövlətin boynuna yükləmək olmaz.
Burada yaş senzi ilə bağlı çox fikirlər səsləndi. Bu, müvafiq icra hakimiyyətinin ixtiyarına verilir və mən hesab edirəm ki, bu düzgün mövqedir. Müvafiq icra hakimiyyəti bu istiqamətdə bir mexanizm, bir standart müəyyənləşdirə bilər.
Mən hesab edirəm ki, cənab Sədr, fikirlər müəyyən mənada təkrarlanır. Burada bizim qonaqlarımız da var. Bəlkə imkan yaradaq, qonaqlar da fikirlərini söyləsinlər, deyilən fikirlərə münasibətlərini bildirsinlər. Mənə elə gəlir ki, müzakirələri yekunlaşdırmaq olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çıxışlara təkid eləyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam eləyək. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli qonaqlarımız! Yəqin, razılaşarsınız ki, Azərbaycan cəmiyyətinin sifarişi olan Təhsil qanununun bu gün Milli Məclisdə müzakirə prosesini yaşayırıq. Bu Təhsil qanununun müzakirəsinə səbəb olmuş, xidməti olmuş hər kəsə mən də təşəkkürümü bildirirəm. Bu qanuna belə ümumi diqqət təbiidir. Hesab edirəm ki, bu da ölkənin strateji hədəfi ilə birbaşa bağlıdır. Yəqin ki, razılaşarsınız, hədəf, əsasən, ondan ibarətdir ki, ölkənin inkişafının təminatçısı olan təbii resurslardan daimi inkişafa nail olmaq üçün intellektual resurslara keçmək çox vacibdir və bu qanun da, yəqin ki, bu istiqamətdə çox mühüm addım olacaq. Məndən öncə çıxış edən çoxsaylı həmkarlarım konseptual baxımdan bu qanuna dair dəyərli fikirlər söylədilər. Yəqin ki, yeni söylənən fikir tapmaq çox çətindir.
Amma təkrar da olsa, mən bir neçə vacib fikir üzərində dayanmaq istəyirəm. Bunlardan birincisi hörmətli həmkarım Siyavuş müəllimin çıxışında səslənən bir fikir idi. Siyavuş müəllim bildirdi ki, bu qanunda bir neçə, ən azı iki təhsil konsepsiyasının təəssüf ki, birləşdirilməsinə cəhd hiss olunur. İkinci fikir isə Əli Əhmədovun çıxışında səsləndi. O da qeyd etdi ki, qanun layihəsində bəzi təhsil sahələrinin, bəlkə də bəzi şəxslərin maraqlarının balanslaşdırılması cəhdi hiss olunur. Amma bugünkü müzakirədə yəqin ki, qanun təşəbbüskarlarının özləri də hiss elədilər ki, hər halda qanunun ikinci oxunuşuna qədər məhz bu çatışmazlıqdan qurtarmağa çox böyük ehtiyac var.
Mən hamının fikir söylədiyi daha bir məqama da mövqeyimi bildirmək istəyirəm. Bu da təhsil alanın biliyinin qiymətləndirilməsidir. Mən buna ayrılan hər hansı təhsil məqamlarını keçid dövrü ilə məhdudlaşdırmağın tərəfdarı deyiləm. Mənə elə gəlir ki, ümumiyyətlə, təhsil alanın biliyinin qiymətləndirilməsinə tamamilə yeni yanaşma olmalıdır. İstər orta təhsili bitirib ali təhsilə qəbul olunanlar, istərsə də ali təhsildən sonrakı mərhələlərə qədəm qoymaq istəyənlər təhsil alan şəxslərdən ibarətdir. Bizim ölkəmizdə bu sahədə müəyyən təcrübə qazanılıb. Hətta YUNESKO-nun 2007-ci il hesabatında məhz ümumi təhsil sahəsində korrupsiyaya şərh veriləndə MDB-də ümumi məkanın qaranlıq olmasına baxmayaraq, Azərbaycanda bu sahədə xüsusi müvəffəqiyyət qazanıldığı qeyd olunur. Bu da müasir informasiya texnologiyalarından istifadə edərək müstəqil komissiyanın məhz təhsil alanın biliyini qiymətləndirməsindən ibarətdir. Mən hesab edirəm ki, yalnız ali məktəblərə qəbulda yox, ümumiyyətlə, bütün təhsil mərhələlərində təhsilin qiymətləndirilməsi təhsil verən tərəfindən yox, müstəqil komissiya tərəfindən həyata keçirilməlidir. Bu, orta ixtisas məktəblərində, ali məktəblərdə baş verən neqativ hallara tamamilə son qoyulmasına şərait yaradardı.
Təhsil qanununun layihəsində bir məqam da ödənişli təhsillə bağlıdır. Son 10 il müddətində, təəssüf ki, dövlət təhsil sistemində ödənişli təhsilin həcmi kəskin surətdə artmışdır. Əgər bu, 10 il qabaq yalnız 10 faiz təşkil edirdisə, bu gün artıq 60 faizə yaxındır. Mənə elə gəlir ki, xüsusən təhsilin kreditləşməsi prosesinə keçmədiyimiz bir məqamda burada bir məhdudiyyət qoyulmalıdır. Nəzərə alsaq ki, dövlət təhsil sistemi özəl təhsil sistemi ilə bir rəqabət yaradır, orada qiymətlərin tənzimlənməsinə səbəb olur, mən hesab edirəm ki, məhz belə bir məhdudiyyətin müəyyən dövr üçün qoyulması çox vacibdir.
Təhsil sistemində çox mühüm məqam orta məktəblərlə bağlıdır. Bu da orta məktəblərin maliyyə...
Sədrlik edən. Sağ olun. Ağacan Abıyev.
A. Abıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Doğrudan da, bu gün Azərbaycanın təhsil sistemində əlamətdar bir gündür. Elə Milli Məclis üçün də əlamətdar gündür, çoxdan gözlənilən təhsil qanununa baxırıq. Mən qısa danışacağam.
5.2-ci maddədə deyilir ki, dövlət cinsindən, irqindən, dərisinin rəngindən, dilindən və sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına təminat verir. Birincisi, əgər biz irqdən danışırıqsa, burada insanın dərisinin rəngindən danışmaq yersizdir, çünki irq elə dəri rəngi deməkdir. Bir də mən idman sahəsinin mütəxəssisi kimi “sağlamlıq imkanlarından asılı olmayaraq” ifadəsini artıq hesab edirəm. Çünki bəzi ali məktəblərə, məsələn, İdman İnstitutuna, İncəsənət İnstitutuna, Konservatoriyaya, hərbi məktəblərə qəbul sağlamlıq imkanlarından bilavasitə asılıdır.
22-ci maddədə ali təhsildən söhbət gedir. 22.3-də yazılıb: “Bakalavriat təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirmiş məzunlara bakalavr ali peşə-ixtisas dərəcəsi verilir”. Deməli, 4 ildən sonra bu bakalavrdır, istər Texniki Universitet olsun, istər Memarlıq Universiteti və sair. Amma 22.7-də yazılır ki, xüsusi qabiliyyət tələb edən mədəniyyət, incəsənət, idman və başqa sahələr üzrə əsas təhsil müddəti 5-6 il və sonra da magistratura təhsili 2 ildir. Necə olur, çox vacib sahələrdə bakalavr olmaq üçün 4 il oxuyurlar, amma idman və başqa sahələrdə tələbə 6 il oxumalı və ondan sonra da 2 il magistraturada təhsil almalıdır? Mən hesab edirəm ki, bizim sahədə 5-6 il oxuyub qurtarandan sonra ona elə magistr diplomuna ekvivalent diplom verilməlidir.
Bundan başqa, mən hesab edirəm ki, bizim uşaqlarımız orta məktəbi 11 sinif oxumalıdırlar. Bu gün Azərbaycanın iqtisadi durumu, inkişafı o səviyyədədir ki, uşaqlarımızı 11 il icbari oxuda bilərik. Ancaq iqtisadi cəhətdən inkişaf etməmiş ölkələr məcbur olaraq orta təhsili 8-9 illə məhdudlaşdırırlar. Hesab edirəm ki, uşaqlarımızı 11 il oxutmağa büdcədə pul tapılar.
Sonra, doktorluq məsələsi. Mən hesab edirəm ki, bu gün bizim magistrlarımız tələb olunan səviyyədə bilik sahibi olub, məsələn, fəlsəfə doktoru adı alırlarsa, qanunda ikinci yerdə elmlər doktoruna yer vermək vacib deyil. Çünki qabaqlar da elmlər namizədi dissertasiyasını müdafiə etdikdən sonra tək-tək adamlar doktorluq dissertasiyasını müdafiə edirdilər. Amma bu gün bizim institutu bitirənlərin 20-30 faizi gedib magistraturada oxuyur. O 20-30 faiz də sabah...
Sədrlik edən. Mən hesab edirəm ki, bizim qonaqlara da imkan yaratmaq lazımdır. Ona görə də, xahiş edirəm, diqqətli olaq. Məleykə Abbaszadə. Buyurun.
M. Abbaszadə, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Fürsətdən istifadə edib sizi qarşıdan gələn bayramlarla – Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm.
Bu gün müzakirəyə çıxarılan qanunla əlaqədar çox dəyərli fikirlər səsləndi. Mənə elə gəlir ki, bu müzakirələr zamanı səslənən əsas sözlər “sistem yanaşma” və “çərçivə qanun” sözləri idi.
Bizim təhsil sistemində bütün proseslərin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir ki, bu da qanunda öz əksini tapıbdır. Amma bu tənzimlənmənin təkmilləşdirilməsi o məqsədlə aparılmalıdır ki, təhsilin keyfiyyəti yüksəlsin və bizim milli təhsil standartları beynəlxalq standartlara uyğun olsun.
Təhsil sistemində biliyin qiymətləndirilməsi xüsusi sahədir və bu sahədə təkmilləşdirmə aparmaqdan əvvəl elmi və statistik araşdırmalar aparılmalıdır. Bir də ki, bu çərçivə qanunda hansısa texniki prosesləri əlavə yazmaq, mənə elə gəlir ki, artıqdır.
27-ci maddənin 2-ci, 3-cü və 4-cü hissələrində ali məktəbə qəbulla əlaqədar müxtəlif məsələlər müzakirə olunur, amma 6-cı hissədə deyilir ki, magistr hazırlığı pilləsinə qəbul müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mənə elə gəlir ki, biz bu çərçivə qanuna ikili standartla yox, bir standartla yanaşsaq, ali məktəbə qəbulla bağlı təklif olunan bu üç hissəni bir hissə ilə əvəz etmək olar. Nəzərə alaq ki, biz gələcəkdə yeni qanunlar qəbul edəcəyik və bu qanunlarda həmin o mexanizmlərlə əlaqədar müəyyən açıqlamalar veriləcəkdir.
Bundan başqa mən bir məsələyə də toxunmaq istəyirəm. Bu, sərbəst seçim məsələsidir. İndiyə qədər seçim abituriyentlər, yerləşdirmə isə kompüter tərəfindən aparılırdı. Dünən mən yeniliklərlə əlaqədar çıxış edəndə qeyd etdim ki, ən müasir texnologiyaların tətbiqinə təkcə biz özümüz yox, cəmiyyət də hazır olmalıdır. Hər bir şəxsin internetə əlyetərliyi təmin olunmalıdır ki, biz bu yenilikləri tətbiq edəndə kimisə həmin o yeniliklər vasitəsi ilə bu prosesdən kənarlaşdırmayaq. Artıq keçən ildən sənəd qəbulu internet vasitəsi ilə aparılır. Keçən il ikinci mərhələdə ixtisas seçimi də internet vasitəsi ilə aparılıbdır. Bu il bizə sərhəddə istifadə olunan giriş-çıxış sisteminə birləşməyə rəsmi icazə verildiyi üçün biz bu il sənəd qəbulunu mart ayında aparacağıq. İmtahanlar keçəndən sonra uşaqların ballarını elan edəcəyik və ikinci mərhələdə uşaqlar yığdıqları balları biləcək, yenə internetə müraciət edib öz ixtisaslarını seçəcəklər. Mənə elə gəlir ki, bunu elə siz özünüz də istəyirsiniz. Amma məsələ ondadır ki, belə proqramları heç bir provaydr, ya da hansısa bir ayrı qurum həyata keçirə bilməz. Bunun üçün milli proqramlar olmalıdır və bu proqramlarda işləmək üçün biz 2 il kifayət qədər mürəkkəb işlər həyata keçirmişik. İndi bunlar hazırdır. Ona görə də burada artıq elə bir texniki məsələ yoxdur ki, onunla əlaqədar qanunda dəyişiklik etməyə ehtiyac olsun.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Mənim bir xahişim var. Bu xahiş keçən Milli Məclisdə də səsləndi, amma nəticəsi olmadı. Bizdə 1992-ci ildən bu ilə qədər, yəni 15 il ərzində təhsilə aid olan çox vacib informasiya bazaları toplanıb və çox ciddi araşdırmalar aparılıbdır. Mən çox xahiş edərdim ki, bizə imkan verələr, biz təhsildə gedən proseslərlə əlaqədar toplanan bu materialların bir prezentasiyasını hazırlayaq və təhsil üzrə komissiyaya təqdim edək. Biz bu materiallara sahib olduğumuz üçün mən burada bu layihə ilə bağlı səslənən bir sıra suallara indidən cavab verə bilərəm. Məsələn, deyirsiniz ki, icbari təhsil 9 il olarsa, X-XI siniflərə keçməyən uşaqlar nə edəcəklər. Bu cür suallar bizim üçün yeni deyil. Bax, bu il bizim ölkədə 113 min məzun olmuş və 64 min 959 nəfər ali məktəblərə sənəd vermişdir. Onlardan yalnız 19 min 381 nəfəri ali məktəblərə və təxminən 8 min nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Qalanları nə edir? Bu sual indi də var. Yeni qanunda icbari təhsil 12 il olacaqmı, 9 il olacaqmı? Bu məsələ ortalığa çıxır. Bu məsələlər bizi çoxdan düşündürür.
Qızların təhsili ilə əlaqədar. Bizim ölkədə, ümumiyyətlə, abituriyentlərin – qızların və oğlanların sayı təxminən eynidir. Cənub zonasında, tutalım ki, bir rayonda abituriyentlərin – oğlanların sayı 92 faiz, qızların sayı 7 faizdir. Bunlar real rəqəmlərdir, builki imtahanların rəqəmləridir. Bununla əlaqədar mən çox xahiş edərdim ki, bizə imkan verəsiniz, bir iclasda bu prezentasiyanı keçirək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məleykə xanım, biz bir ildir ki, Təhsil qanununu müzakirə edirik. Bu qanunu üç dəfə komissiyadan keçirmişik. Güman ki, prezentasiya da etmək olardı. İndi biz bu ilin yekununda Təhsil qanununun layihəsini müzakirəyə çıxarmışıq. Bu, çərçivə qanundur. Yəni çərçivə qanundan sonra digər qanunlar da olacaq. O qanunlarda bu məsələlərin hamısını nəzərə almaq olar. Biz də o fikirdəyik ki, Azərbaycanda testlə qəbulun əvəzi yoxdur. Biz bunu dəstəkləyirik. Bu, davam edəcək. Qalan təklifləri müzakirəyə çıxarmışıq.
Rəbiyyət xanım təhsil işçisi olduğu üçün, xahiş edirəm, sözünü desin. Sonra Misir müəllimə söz verək və Şəmsəddin müəllim suallara cavab versin. Sonra layihəni səsə qoyarıq.
R.  Aslanova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün hörmətli həmkarlarım da bu qanun layihəsi haqqında öz fikirlərini söylədilər. Bir əsas məsələ var. Bu gün bu qanunda əks olunan müddəalar çərçivə qanunun tələblərinə uyğundur, ya uyğun deyil? Birmənalı uyğundur. Hesab edirəm ki, hörmətli Şəmsəddin müəllim və onunla birgə çalışan insanların hər birinin əməyi layiqincə qiymətləndirilməlidir.
Bu gün çoxdan gözlədiyimiz bir sənəd ortadadır. Bu sənədin bu gün ortada olması gecdirmi, tezdirmi? Məsələ burasındadır ki, 1992-ci ildə qəbul olunmuş sənəd uzun illər qüvvədə olub. Bu gün dünyada baş verən proseslər, xüsusilə də sürətli inkişaf ona gətirib çıxarır ki, insanlar indi baş verən hadisələrə adekvat reaksiya verə bilmirlər. Buna görə də təhsilin qarşısında çox mühüm bir vəzifə durur – yeni tip insan, yeni keyfiyyətli təhsil, yeni insanın tərbiyə olunması. Bununla əlaqədar olaraq dünyada böyük proses gedir, qlobal təhsil sistemi formalaşır. Ölkələrin hər biri bu qlobal təhsil sisteminə bir cür daxil olur.
Burada tez-tez Boloniya prosesindən danışırlar. Ancaq Boloniya prosesi və ya beynəlxalq standartlar abstrakt məfhum deyil. Bu, konkretlik tələb edir. Boloniya prosesinə qoşulan ölkələrin hər birinin özündə milli təhsil sistemi mövcuddur. Bu gün bizim də məqsədimiz həmin prosesin iştirakçısı olaraq özümüzün milli təhsil sistemimizi formalaşdırmaqdır. Mən bir cəhəti demək istərdim. Hələ 1807-ci ildə Almaniya Fransanın əsarəti altında olarkən Fixte alman xalqına müraciət etdi. Hamı fikirləşirdi ki, o, alman xalqını hərbi səfərbərliyə çağıracaq. Ancaq onun bit ifadəsi oldu: “Alman ruhunu öldürməmək üçün milli təhsil sistemini formalaşdırın”. Görün, bu gün də öz aktuallığını itirməyən bu fikir bizim gerçəkliyimizdə özünü necə doğruldur. Bu gün Azərbaycanda yeni təhsil sistemi, milli təhsil sistemi formalaşır. Onun özünəməxsusluğu olacaq və təbii ki, o da başqalarından fərqlənəcək.
Bu gün dünyada 4 təhsil sistemi formalaşıb. Bunlardan birincisi sərbəst yaradıcılığa əsaslanan Avropa modeli, ikincisi Amerika modeli, üçüncüsü sovet modeli, – vaxtilə biz həmin təhsil sistemində oxumuşuq, – dördüncüsü Yapon modelidir. Hamısı da bir-birindən fərqlidir. Məsələn, bu gün Boloniya prosesinə qoşulan Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, Fransada təhsil sisteminin əsasını şəxsi qabiliyyətə önəm verilməsi, İngiltərədə sosial təbəqəyə mənsubluq, Finlandiyada yeni informasiya texnologiyalarına uyğunlaşma və sair təşkil edir. Amerika Birləşmiş Ştatları bu modeldən fərqli bir model yaratmışdır. Yəni özününküdür. Beynəlxalq standarta uyğunlaşmaq o demək deyil ki, özümüzün tarixən mövcud olan ənənələrimizdən əl çəkək. Xeyr. Azərbaycanın milli təhsil sistemi vaxtilə mövcud olan təhsil sisteminin davamı olacaq və mən deyərdim ki, 1992-ci ildə qəbul olunmuş “Təhsil haqqında” Qanunun mühüm müddəalarının davamı kimi formalaşacaq.
Bu qanunda çox mühüm məqamlar da, ziddiyyətli məqamlar da var. Mən bu gün təhsilin pillələri haqqında danışmaq istəmirəm. Hərçənddir, ABŞ-ın özündə vahid bir məktəb standartı yoxdur və dövlətin ən böyük pul gəlirləri testdən keçmiş və yüksək göstəricilər əldə etmiş uşaqlara yönəlir. Nə üçün? Çünki onlar hesab edirlər ki, yetişməkdə olan nəslin cəmiyyətdə gərəkli olması üçün bu modelə üstünlük vermək lazımdır.
Bu gün doktorantura haqqında, attestasiya haqqında, özəl məktəblər haqqında danışdılar. Bunlar haqqında ikinci oxunuşda biz söhbət edəcəyik. Arzumuz nədir? İstəyimiz müəllim-tələbə münasibətlərinin sivil qaydada formalaşması, cəmiyyətdə müəllimə olan münasibətin dəyişməsi, təhsil işçilərinin sosial müdafiəsinin təmin edilməsidir. Bu qanunun əsas amalı budur. Azərbaycan vətəndaşının təhsil hüququnun təmin olunması üçün bütün bu müddəalar vacibdir və bu müddəalar bugünkü çərçivə qanunda öz əksini tapıb.
Mən hörmətli həmkarlarımdan xahiş edərdim ki, bu çərçivə qanunun bu gün birinci oxunuşda qəbul olunmasına səs versinlər. Sözsüz ki, növbəti müzakirələrdə biz bu qanun üzərində işimizi davam etdirəçəyik.
Sədrlik edən. Çox sağ olun. Təhsil naziri Misir Mərdanov. Buyurun.
M. Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Təhsil qanununun müzakirəsinin hörmətli iştirakçıları! Mən də hər birinizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir və sizə gələn ildə möhkəm can sağlığı və daha səmərəli fəaliyyət arzulayıram. Hörmətli Sədr, Sizə təşəkkür edirəm ki, təhsillə bağlı bu qədər demokratik və geniş müzakirə keçirirsiniz və hətta komissiyada bu qanun layihəsi müzakirə olunarkən özünüz əvvəldən axıra kimi bu müzakirələrə rəhbərlik etdiniz. İndiyə qədər Milli Məclisin 27 üzvü çıxış etdi. Bizim parlament bu gün, əsasən, ziyalılar, müəllimlər, alimlər məclisi olduğundan, mənə belə gəlir ki, bu qanunla bağlı müzakirələr daha yüksək səviyyədə keçirilir və keçiriləcəkdir.
Mən bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, mən də çıxış edənlərin əksəriyyəti kimi hesab edirəm ki, yeni qanun zəruridir və onun qəbul olunmasına çox böyük ehtiyac var. Yeri gəlmişkən, onu da deyim ki, bu gün qüvvədə olan qanunun hazırlanmasında 1990–1991-ci illərdə şəxsən mən də iştirak etmişəm. O zaman – 1992-ci ildə o qanunu keçirərkən biz çox böyük çətinliklər qarşısında qaldıq. O qanunda çox müsbət məqamlar olub və mən düşünürəm ki, indiki qanunu hazırlayan adamlar o qanunun müsbət cəhətlərindən hökmən bəhrələniblər.
Digər bir məsələ. Mən xahiş edirəm, ikinci oxunuşda da, üçüncü oxunuşda da hörmətli millət vəkilləri qanun barədə mülahizələrini söylədikləri zaman nəzərə alsınlar ki, təqdim olunan bu qanunun hazırlanmasına parlamentin Elm və təhsil məsələləri daimi komissiyası rəhbərlik edib və onun hazırlanmasında Azərbaycanın bu sahədə çox böyük təcrübəsi, biliyi, bacarığı olan tanınmış ziyalıları iştirak ediblər. Mənə belə gəlir ki, onların əməyini yüksək qiymətləndirmək lazımdır.
Ölkəmizdə təhsilin inkişafı müstəqil Azərbaycan Respublikasının dövründə ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Bu müzakirədə iştirak edənlərin diqqətinə çatdırmaq istəyirəm ki, 1999-cu ilin iyun ayında Təhsil islahatı proqramı ümummilli liderimiz Heydər Əliyevin imzası ilə təsdiq olunub və bu gün də o proqramın həyata keçirilməsi ilə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları məşğuldurlar.
2003-cü ildə Azərbaycan xalqı tərəfindən Azərbaycan Respublikasının Prezidenti seçilən möhtərəm İlham Əliyev son 4 il ərzində təhsil sahəsini ölkənin prioritet sahəsi hesab edərək, bu sahənin inkişafına xüsusi diqqət yetirir. Əlbəttə, mən görülən bütün işlər barədə burada danışmaq istəmirəm. Ancaq bir neçə məqamı vurğulamaq istəyirəm. Burada da qeyd olundu, son illər Azərbaycanda 1200 yeni məktəb binası tikilibdir. Təkcə son 1 ildə 200 yeni məktəb binası tikilib. 30 ildən sonra – bu il Azərbaycanda, Bakıda uşaq bağçası tikilib istifadəyə verilibdir. Diqqətinizə onu da çatdırım ki, ölkə başçısı tərəfindən təsdiq olunmuş Peşə təhsilinin inkişafı proqramına əsasən gələn il Bakı və regionlarda 20 peşə məktəbinin əsaslı təmiri və təchizatı nəzərdə tutulur. Bütün bunlarla yanaşı, bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlətimizin başçısı və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 14 dövlət proqramı istiqamətində öz işlərini davam etdirirlər.
Burada çıxış edənlərin əksəriyyəti Boloniya prosesi ilə bağlı danışdı. Bəli, biz ölkə rəhbərliyinin razılığı ilə 2005-ci il may ayının 19-da Norveçin Bejin şəhərində bu prosesə qoşulmuşuq. Məlumat üçün deyirəm ki, Boloniya prosesi Avropa Şurasına üzv olan ölkələrin ali təhsil sisteminin Avropa ali təhsil məkanına qoşulması ilə bağlıdır. Burada heç kəs məcbur olunmur və heç kəsə deyilmir ki, bu prosesə nə vaxt, necə keçməlisən. Əlbəttə, hər bir ölkə milli xüsusiyyətlərini nəzərə almaqla bu işə gedir. Bizim ölkəmizdə ali təhsil sistemində bu istiqamətdə çox ciddi işlər görülür və artıq ali məktəblərimizin böyük əksəriyyəti bu prosesə qoşulub.
Yeri gəlmişkən, başqa bir neçə məsələni də diqqət mərkəzinə gətirmək istəyirəm. Əlbəttə, dövlət başçısının diqqəti, qayğısı və aparılan işlər təhsildə çox ciddi nəticələrin qazanılmasına gətirib çıxarıb. Mən onların bəzilərini sizin diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, Beynəlxalq Qiymətləndirmə Təşkilatı, – biz o təşkilata keçən il üzv qəbul olunmuşuq, – Azərbaycanda keç kəsdən asılı olmayaraq 15 yaşlı şagirdlər arasında seçmə üsulu ilə sınaq imtahanları keçirib. Bizdə keçirilən imtahanlardakından fərqli suallar təqdim olunubdur. Bu sınaq dünyanın 58 ölkəsində həyata keçirilib. Bu ölkələrin böyük əksəriyyəti inkişaf etmiş ölkələrdir. Nəticələr tam açıqlanmayıb, ancaq bəzi məqamları burada deyə bilərəm. Riyaziyyat üzrə bizim ölkəmiz 58 ölkə arasında 4-cü yerə çıxıb. Mən bunu çox yüksək nəticə hesab edirəm. Digər fənlər üzrə 58 ölkə arasında biz orta yerləri tutmuşuq. Bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində 6500 nəfər xarici ölkə vətəndaşı təhsil alır və sizə deyim ki, son 4 ildə onların sayı 4 dəfə artmışdır. Bu, əlbəttə, Azərbaycanda ali təhsil müəssisələrinin, universitetlərin işinin keyfiyyətindən xəbər verir. Digər tərəfdən, bu gün Azərbaycandan kənarda 3 mindən çox azərbaycanlı gənc müvəffəqiyyətlə təhsilini davam etdirir.
Burada çıxış edənlərin əksəriyyəti repetitorluqla bağlı danışdılar. Mənim bu məsələyə münasibətim tamamilə başqadır. Mən dünyanın çox ölkələrində olmuş, bu məsələ ilə də maraqlanmışam. Dünyanın bütün ölkələrində repetitorluq var. Bunun müsbət cəhətləri də, mənfi cəhətləri də var. Müsbət tərəfi ondan ibarətdir ki, insanlar öz vəsaitlərini uşaqlarının savadının, biliyinin, bacarığının artırılmasına sərf edirlər. Buna biz sevinməliyik. Mənfi tərəfi bizdə onunla bağlıdır ki, uşaqlar bunu dərs vaxtı edirlər. Dərsdənkənar repetitorluq mənfi hal deyil və bunu dəstəkləmək lazımdır.
Hörmətli Sədr özü 11.1.8-ci maddəyə münasibət bildirdiyinə görə, mən bir məqamı demək istəyirəm. Mən Oqtay müəllimin fikirləri ilə tam razıyam. Biz bu dərs ilinin əvvəlində qərar qəbul etdik ki, ictimaiyyətin tələbi ilə orta məktəblərdə məktəbli formasına keçək. Milli Məclisin çox hörmətli üzvləri yerlərdə olarkən görüblər ki, heç bir müqavimətsiz, şərtsiz artıq bizim məktəblərimizdə uşaqların 80 faizi forma geyinir. Bu problem öz həllini tapıbdır. Ona görə düşünürəm ki, bu problemi o qədər də qabartmaq lazım deyil. Bunu davam etdirəcəyik və etdirmək lazımdır.
Qanunda daha bir müsbət məqamı, 5 yaşlıların icbari uşaq bağçalarına cəlbi məsələsini vurğulamaq istəyirəm. Biz burada nəzərə almalıyıq ki, bu qanun sizin tərəfinizdən qəbul olunandan sonra cənab Prezident tərəfindən təsdiq olunacaq. Təsdiq olunanda ola bilər ki, hər bir maddənin və yaxud fəslin nə vaxt qüvvəyə minməsi barədə qərar olsun. Ola bilər, bu gün bizim buna imkanımız yoxdur. Ancaq sabah bununla bağlı təzə bir qanun da qəbul etməli deyilik. 5 yaşlıların icbari surətdə uşaq bağçalarına cəlbi məsələsini mən çox yüksək qiymətləndirirəm.
Burada ümumi orta təhsil, tam orta təhsil və sair barədə fikir söylənildi. Mən bir neçə gün bundan əvvəl komissiya iclasında da bu barədə fikrimi ehtiyatla bildirmişdim. Biz nazirlikdə bu məsələni də geniş müzakirə etmişik. Buna biz müsbət yanaşırıq. Məleykə xanım da burada o uşaqların hara getməsi məsələsini vurğuladı. Mənə elə gəlir ki, cənab Prezident tərəfindən təsdiq olunmuş Peşə təhsili proqramını biz tətbiq etdirməli, peşə təhsilini inkişaf etdirməliyik. Biz bu məsələni gənclərin çoxunun dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, IX sinfi bitirəndən sonra peşə təhsili və kollec təhsilinə getməsi ilə həll edəcəyik.
Mənə belə gəlir ki, müvafiq maddədə 6 yaş dəqiq yazılmalıdır. Orada əl yeri qoymaq bizim işimizə mane olar. Fərqli attestatlar məsələsi də qanunda olsaydı, çox yaxşı olardı.
Elmira xanım Axundovanın rus dili ilə bağlı narahatçılığının heç bir əsası yoxdur. Bu gün bizim ölkəmizdə ümumi orta təhsil alanların 7 faizi rus dilində təhsil alır. Keçmişdə Azərbaycandilli məktəblərdə rus dilini tədris edən müəllimlərin problemini biz vaxtaşırı, ilbəil həll edirik və 2 il ərzində bu problem öz həllini tam tapacaqdır.
Bahar xanıma təşəkkür edirəm ki, attestasiya, akkreditasiya məsələsini çox dəqiq dedi. Yaxın gələcəkdə təhsil Azərbaycan dövlətinin bütövlükdə himayəsində olacaq və əsas təhsil dövlət təhsili olacaqdır. Burada təhsili özəlləşdirmək haqqında fikirlər söylənildi. Elə şey ola bilməz. Orta təhsil də, ali təhsil də hökmən dövlətin himayəsində olmalıdır.
Burada bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Nə olur-olsun, təhsildə müəllim əsas yer tutur. Burada müəllimlərin əmək haqları barədə danışdılar. Qanunda əmək haqqı yazılmamalıdır, çünki ölkə inkişaf edir, gələcəkdə daha çox inkişaf edəcək. Bir də ki, əmək haqqı cənab Prezidenti bizdən də çox düşündürən məsələdir. Burada çıxış edənlərdən bəziləri dedilər ki, müəllim 60 manat alır. Xeyr, bu gün müəllimin orta aylıq əmək haqqı 150 manatdır. Bu, ilbəil artır və gələcəkdə də artacaq. Müəllimin nüfuzunun artması qanunda öz əksini tapmışdır. Təhsil Nazirliyinin fikri belədir ki, – qanunda da bu müddəa vardır, – təhsilin bir pilləsindən digər pilləsinə keçid zamanı əvvəlki pillənin nəticəsi hökmən nəzərə alınmalıdır. Dünyanın hər yerində bu, belədir və bunu hökmən etmək lazımdır.
Çox təəssüf edirəm ki, burada danışanların bəziləri müəllimlərə mənfi münasibətlərini dilə gətirdilər. Biz hamımız övladlarımızın, nəvələrimizin taleyini müəllimə, məktəbə tapşırırıq, ancaq onların əksəriyyətinə mənfi nöqteyi-nəzərdən baxırıq. Mən bu tendensiyanı çox pis qiymətləndirirəm. Müəllimlərimizin əksəriyyəti çox yüksək səviyyəli və bizim xalqımızı, millətimizi bu günə gətirən adamlardır. Biz onlara hörmətlə yanaşmalıyıq və qanunda müəllim-valideyn, məktəb-valideyn məsələsi daha ciddi şəkildə yazılmalıdır. Bundan biz yalnız uda bilərik.
Burada bir məsələ də qeyd olundu. Qanunda adambaşına maliyyələşmə məsələsi nəzərdə tutulub. Yaxın gələcəkdə biz adambaşına maliyyələşməyə keçməklə təhsilin idarə olunmasında və keyfiyyətin yüksəlməsində çox ciddi addımlar atacağıq. Mən buna tam əminəm.
Konseptual bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu gün bizim siyasətimiz daha çox yaddaşa əsaslanan təhsil sistemindən məntiqi təfəkkürə və həyati bacarıqlara əsaslanan təhsil sisteminə keçməkdən ibarətdir və hazırda bu istiqamətdə çox ciddi iş aparılır. Mən əminəm ki, yaxın gələcəkdə siz bunun nəticəsini görəcəksiniz. Bu ilin yekunları ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqlamasında göstərildi ki, 2007-ci ildə adi orta məktəbi bitirən üç şagird 700 bal toplamış və 600-dən çox bal toplayanların sayı əvvəlki illərə nisbətən xeyli artmışdı. Bunu dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmək lazımdır.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, bu qanunun hazırlanmasında Təhsil Nazirliyinin ekspertləri yaxından iştirak ediblər. Biz hesab edirik ki, bu qanun çərçivə qanun kimi qəbul oluna bilər və bundan bizim millətimiz, xalqımız qazana bilər. Mən də təhsil naziri kimi Milli Məclisin üzvlərindən xahiş edirəm ki, bu qanunun birinci oxunuşda qəbuluna səs versinlər. Təşəkkür edirəm. Sədrlik edən. Çox sağ olun. Şəmsəddin müəllim, Siz 45 dəqiqə çıxış etdiniz. İkinci oxunuşda Sizin çıxışınız çox olacaq. Xahiş edirəm, suallara qısa cavab verəsiniz.
Ş. Hacıyev. Çox sağ olun, təşəkkür edirəm. Elmira xanım mənə hərbi çağırışla bağlı üç sual ünvanladı. Möhlət hüququ verilməsi bu qanunun predmeti deyil. O, “Hərbi çağırış haqqında” Qanunda nəzərə alına bilər. Bizim müzakirə prosesində ən çox diskussiyaya səbəb olan maliyyə məsələləri ilə bağlı maddələr idi. Əli Məsimlinin müəssisənin statusu ilə bağlı sualına gəlincə, deməliyəm ki, bu müəssisələr həm mənfəət əldə edən təhsil müəssisələri, həm də mənfəət əldə etməyən təhsil müəssisələri statusunda olacaqlar. Mənfəət əldə edən təhsil müəssisələri bütünlükdə vergi və digər ödənişləri axıra qədər ödəyəcəklər. Mənfəət əldə etməyən müəssisələr üçün isə müəyyən güzəştlər tətbiq olunacaq.
Bahar xanıma da, Ziyafət müəllimə də təşəkkürümü bildirirəm ki, burada köhnə qanunla bağlı səslənən bəzi suallara cavab verdilər. Bu qanunun yazılmasında vacib prinsiplərdən biri varislik prinsipidir. Köhnə qanunda müəyyən müsbət, pozitiv məqamlar var. Həmin məqamlar yeni qanunda öz əksini bir qədər başqa redaksiyada tapıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, köhnə qanun bu gün qüvvədə olsa da, indiyədək ona 30-dan çox əlavə edilmişdir. Tam məsuliyyətlə deyirəm ki, bu gün bir çox məsələlər həmin qanunla yox, Təhsil Nazirliyi və təhsil sahəsində digər idarəetmə orqanları tərəfindən müəyyən edilmiş təlimatlarla tənzimlənir.
Hörmətli millət vəkilləri, burada səslənən təkliflərin hamısı bir daha Elm və təhsil məsələləri daimi komissiyasında nəzərdən keçiriləcək. Mən sizi əmin edirəm ki, onların əksəriyyəti nəzərə alınacaq və ikinci oxunuşa tam təkmil bir qanun layihəsi təqdim olunacaq.
Hörmətli Sədr, Siz başda olmaqla millət vəkillərinin hamısına müzakirədə çox fəal iştirak etdiklərinə, çox konstruktiv təkliflər verdiklərinə görə təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hamı yorulub. Xahiş edirəm, qanun layihəsinin birinci oxunuşda qəbuluna münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.14 dəq.)
Lehinə 105
Əleyhinə 7
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 113
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Nəhayət ki, bu qanun layihəsi birinci oxunuşda qəbul olundu. Hamınızı təbrik edirəm!

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU