30.12.2007 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 71
Mill Məclisin iclas salonu.
30 dekabr 2007-c il. Saat 12.
Mill Məclis Sədrinin birinc müavini
Z. Əsgərov sədrlik etmişdir
İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.
İclasda qəbul edilmişdir:
“Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Azərbaycan Respublikası
Mill Məclis Sədrinin
birinc müavin Z. ƏSGƏROV
MİLLİ MƏCLİSİN İCLASI
30 dekabr 2007-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinci müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, yerlərinizi tutun. Hörmətli deputatlar, bu gün bizim gündəliyimizdə bir məsələ durur: Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin Müraciəti. Müraciətin mətnini oxumaq üçün söz verilir Jalə xanım Əliyevaya.
J. Əliyeva. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar və həmvətənlər!
Xalqımızı dil, əqidə və əməl birliyinə söykənən milli-mə nəvi bütövləşməyə çağırış günündə hamınızı ürəkdən salam layırıq. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə on altı il əvvəl 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisə lərindən biri olmuşdur. Ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə topla maq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birin dən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.
2001-ci və 2006-cı illərdə Bakıda dünya azərbaycanlılarının birinci və ikinci qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis edilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin üzvi tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın bütün qitələrinə səpələnmiş on milyonlarca soydaşımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyinin misilsiz əhəmiyyət daşıdığını bu gün daha dərindən dərk edir. Onlar yaxşı başa düşürlər ki, etnik-siyasi baxımdan təşkilatlana bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.
Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Ölkə iqtisadiyyatı dünyada analoqu olmayan bir sürətlə inkişaf edir, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı həyata keçirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən nəhəng transmilli iqtisadi layihələr Azərbaycanın çox geniş bir bölgədə siyasi sanbalını və nüfuzunu daha da artırır.
Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar. Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günü də həsrətlə gözləyirlər. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması xalqımızın ümummilli vəzifələrindən biridir. Müstəqil dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.
Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızın bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, güclü Azərbaycan icmalarının yaradılması da ümdə vəzifələr sırasındadır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzulayırıq.
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, Jalə xanım. Hesab edirəm, bu alqışlar müraciətin qəbulu kimi hesab olunmalıdır. Çox sağ olun.
Hörmətli deputatlar, xanımlar və cənablar! Milli Məclisin payız sessiyasının son iclası başa çatır. Bu sessiyada parlamentin 15 iclası keçirilmişdir. 132 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanunu və 10 qərar qəbul edilmişdir. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin, siyasi, iqtisadi, hüquqi, sosial islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Sessiya dövründə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür.
Milli Məclis Sədrinin başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti bu il oktyabrın 3-dən 5-dək Strasburqda işgüzar səfərdə olmuşdur. Avropa Şurasının rəhbər vəzifəli şəxsləri, o cümlədən Parlament Assambleyasının Sədri cənab Rene Van der Linden, Avropa Şurasının Baş katibi cənab Terri Devis və digər şəxslərlə səmərəli görüşlər keçirilmiş və həmin görüşlərdə, eyni zamanda, keçirilmiş mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilmişdir.
Fransa Senatının Sədri cənab Kristian Ponselenin dəvəti ilə Milli Məclis Sədrinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın axırlarında Fransa Respublikasında rəsmi səfərdə olmuşdur. Azərbaycan və Fransa parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi ilə əhəmiyyətli görüşlər keçirilmiş və danışıqlar aparılmışdır.
Bu günlərdə isə Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Rusiya Federasiyasında səfərdə olmuş, dekabrın 24-də beşinci çağırış Dövlət Dumasının açılışında iştirak etmişdir. Eyni zamanda, Rusiya parlamentindəki həmkarlarımızla bir sıra mühüm görüşlər keçirilmişdir.
Bu ilin payız sessiyası dövründə Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Parlamentimizin deputatları ABŞ-da, Böyük Britaniyada, Rusiyada, Türkiyədə, Fransada, Almaniyada, İtaliyada, Hollandiyada, İsveçrədə, İslandiyada, Yunanıstanda, Serbiyada, Slovakiyada, Latviyada, İran İslam Respublikasında, Moldovada, Filippində, İsraildə, Gürcüstanda və digər ölkələrdə səfərlərdə olmuşlar.
Deputatlarımız Özbəkistanda keçirilmiş Prezident seçkilərini, Rusiya Federasiyasının Dövlət Dumasına seçkiləri müşahidəçi kimi izləmiş, Türkiyədə Prezident seçkiləri təcrübəsi ilə tanış olmuşlar.
Ötən dövrdə bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç, İsveçrə Konfederasiyası Milli Şurasının Sədri Kristin Egerszegi-Obrist, İran İslam Respublikası İslam Şurası Məclisinin Sədri Qulaməli Həddad Adil, Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun sədri Şteffen Rayxe, Almaniya Bundestaqının deputatı Süzanna Yaffke, Litva Seyminin Xarici işlər daimi komitəsinin sədri Yustinas Karosas, Misir Xalq Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Əhməd Ömər Həşim, Küveyt Milli Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Nasir Casim əl-Sani, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Osman Arslan, Bolqarıstanın Baş naziri Sergey Stanişev, Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekas, Estoniya Respublikasının xarici işlər naziri Urmas Paet, Belarusun müdafiə naziri Leonid Maltsev və digər şəxslər ilə Milli Məclisdə görüşlər keçirilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.
Milli Məclisdə deputatların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə aparılan yenidənqurma işləri davam etdirilmişdir. Noyabrın 3-də Azərbaycan parlamentinin inzibati binasının yeni korpusunun təməlqoyma mərasimi keçirilmişdir. Binanın bir ilə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Oktyabrın 3-də Milli Məclisin deputatları Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin Bakıda keçirilən 29 iclasında iştirak etmişlər.
Dekabrın 19-da isə Milli Məclis Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Parlament Proqramı ilə birlikdə “Azərbaycanda parlamentarizmin inkişafı” mövzusunda dəyirmi masa keçirmişdir.
Beləliklə, Milli Məclis 2007-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar Milli Məclisin Sədri və bütövlükdə Milli Məclisin rəhbərliyi sizə – parlamentin deputatlarına səmərəli iş üçün minnətdarlığını bildirir.
Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm! Hər birinizə möhkəm can sağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni uğurlar arzulayıram! (Alqışlar.)
Hörmətli Milli Məclisin üzvləri, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Hərçənd sizin alqışlarınızla müraciəti qəbul elədik, amma indi Təlatüm müəllim deyir ki, biz gərək bunu qərarla səsə qoyaq və təsdiq eləyək. Xahiş edirəm, Müraciətə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da Milli Məclisin 2007-ci il payız sessiyası bağlı elan edilir.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)